09.06.2009 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XII  SESSİYASI  İCLASININ
  
PROTOKOLU  №  117

Mill Məclisin  iclas  salonu.
9  iyun  2009-cu  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Alim Quliyev, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin birinci müavini.
Rəna Məlikova, Azərbaycan Respublikası Milli Bankının Hüquq departamentinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
6. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

9  iyun  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz. Milli Məclisin növbədənkənar sessiyasının birinci iclasını açıq elan edirəm!
     (Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
 Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.11 dəq.)
İştirak edir 93
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Gündəlik hamımıza verilib. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 12.11 dəq.)

Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. Müzakirəyə ehtiyac varmı? Görürəm, müzakirələr üçün darıxmısınız. Buyurun, yazılın. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Sessiyanın başlanğıcında mən də qanun layihəsi ilə əlaqədar bir neçə təklif vermək istəyirəm. Bilirsiniz ki, keçən dəfə də bununla əlaqədar məsələ qaldırmışdıq. “Bələdiyyələrin statusu haqqında” Qanuna müəyyən təkliflərimiz vardı. Mən hesab edirəm ki, bu təkliflər layihədə öz əksini tapmalıdır. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir və bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsinə ehtiyac duyulur. O baxımdan hesab edirəm ki, bugünkü iclasımızda olmasa da, növbəti iclasların birində bu məsələyə baxılmalıdır.
Bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinin müvafiq maddələrinə də əlavə və dəyişikliklər edilməsinə ehtiyac var. Bununla əlaqədar biz komitəyə yazılı şəkildə müraciət edərik. İstər Prezident seçkilərindən sonra, istərsə də referendumdan sonra Seçki Məcəlləsində müəyyən müddəalara əlavə və dəyişikliklər edilməsinə ehtiyac var. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir və bizim növbəti iclasımız sentyabr ayında başlayacaq. Nəzərə alsaq ki, artıq o zaman seçkiyə start veriləcək, bu baxımdan Seçki Məcəlləsində bəzi müddəaların dəyişdirilməsinə, müəyyən tövsiyələrin verilməsinə ehtiyac var. Burada müşahidəçilikdən, məntəqə üzvünün statusundan söhbət gedir. Hesab edirəm ki, bu məsələyə toxunmaq lazımdır.
Üçüncü məsələ. Hesab edirəm ki, buna da ehtiyac duyulur. Bu da “Siyasi partiyalar haqqında” Qanunla bağlıdır. Hər dəfə biz bu məsələni qaldırırıq. Bilirsiniz ki, bu yaxınlarda Rusiya Federasiyasında da “Siyasi partiyalar haqqında” Qanuna ciddi dəyişiklik olundu. Prezident Medvedyev tərəfindən müəyyən müddəalar irəli sürüldü və siyasi partiyalar tərəfindən dəstəkləndi. Hesab edirəm ki, biz də bu məsələni dəfələrlə burada qaldırmışıq. “Siyasi partiyalar haqqında” Qanunun həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də Seçki Məcəlləsinə uyğunlaşdırılmasına böyük ehtiyac var. Bütün siyasi partiyaların funksiyalarından biri də seçkidə iştirakla əlaqədardır. Qarşıdan gələn bələdiyyə seçkilərini nəzərə alıb, bu müddət ərzində imkan olsa, əlavə və dəyişikliklərimizi edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının yaradılması ilə bağlı məsələyə öz münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu, Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasında Dağlıq Qarabağın hər hansı bir statusu müəyyən olunmadığına və Azərbaycan Konstitusiyasında Dağlıq Qarabağ adlı subyekt olmadığına görə onun hər hansı bir icmasının yaradılması Azərbaycan Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir.
İcma o ölkədə yaradılır ki, onlar azlıq olur. İcma o ölkələrdə yaradılır ki, orada icma konkret olaraq milli-etnik və ya dini qrupları əhatə edir. Təsəvvür edin, Azərbaycan dövlətində azərbaycanlılar icma kimi qeydiyyata alınır və icma kimi fəaliyyət göstərirlər. Bu məsələ nə dərəcədə hüquqidir? Əgər Azərbaycan Konstitusiyasında Dağlıq Qarabağa hər hansı bir status verilmiş olsa idi və Azərbaycan Konstitusiyasında bu məsələ əksini tapmış olsa idi, burada azərbaycanlı icmasının yaradılması bu və ya digər şəkildə məntiqə və hüquqa uyğun olardı. Amma bu gün Azərbaycan Konstitusiyasında belə bir qurum yoxdur. Azərbaycan Konstitusiyası belə bir qurumu ləğv edib. Yeni Konstitusiya 1995-ci ildə qəbul olunub. Belə bir qurum Konstitusiyaya salınmayıb. Bu Konstitusiya qəbul olunduğu dönəmdə, ümumiyyətlə, Dağlıq Qarabağın statusu müəyyən olunmayıb. Bundan sonrakı danışıqlarda hansı status müəyyən olunacaq, necə olacaq? Bunlar bəlli olmadığı halda azərbaycanlı icması yaradılır və azərbaycanlı icması adından danışıqlarda tərəf kimi iştirak edir. Biz kimin tərəfiyik?
Erməni icması deyilən tərəf bu gün Azərbaycanın ərazisində qeyri-qanuni, separatçı bir qurum yaradıb. Nə Azərbaycan, nə dünya dövlətləri, nə də beynəlxalq təşkilatlar bunu tanıyır. Mahiyyət etibarilə biz onun əksi olan bir azərbaycanlı icması yaradır və onu dünyaya tanıtdırmaq istəyirik. Azərbaycan tərəfdən yalnız erməni icması yaradıla bilərdi, yalnız erməni icması öz mövqeyini ifadə edib icma kimi qeydiyyatdan keçə bilərdi.
Azərbaycanda azərbaycanlıların hüquqlarını, Azərbaycan vətəndaşlarının hüquqlarını Azərbaycan dövləti qoruyur. Azərbaycan dövləti də bu və ya digər şəkildə danışıqlarda iştirak edir. Mən hələ icmanın hansı mövqe nümayiş etdirəcəyi, hansı məsələlərə münasibət bildirəcəyi haqqında əvvəlcədən fikir yürüdüb peyğəmbərlik etmək istəmirəm. Amma oradakı bəyanatların birində qeyd olunurdu ki, yalnız o şəkildə Dağlıq Qarabağda referendum keçirilə bilər ki, 65 min azərbaycanlı da ora qayıtsın. İcma nümayəndələri kimdir ki, Azərbaycanda nəyin referenduma çıxarılacağını, nəyin çıxarılmayacağını müəyyən etsinlər? Bu, Azərbaycan Konstitusiyası ilə Azərbaycan Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə verilən səlahiyyətdir. Heç kim Azərbaycan ərazisində, yəni hər hansı bir etnik qrupun yaşadığı ərazidə, hər hansı lokal bir dairədə referendum keçirilməsi ilə bağlı fikir yürüdə bilməz. Bu, Azərbaycan Konstitusiyası ilə, mövcud Azərbaycan qanunvericiliyi ilə, o cümlədən Azərbaycan dövlətlərinin maraqları ilə ziddiyyət təşkil edir.
Sədrlik edən. İqbal müəllim, çox alovlu danışdınız. Amma bu icma indi yaradılmayıb, icma var idi. Yanlış olması indi yada düşür. Yəqin, təzə icma rəhbəri seçiləndə yada düşüb. İkincisi, icmanın hər hansı bir üzvü, yaxud kimsə çıxış edib bir söz deyirsə, həmin vətəndaş öz sözünü deyir. Onun dediyi söz ehkam deyil ki, o saat referendum keçirilsin. Azay Quliyev.
A. Quliyev. Hörmətli Oqtay müəllim, əgər etiraz etmirsinizsə, çıxış üçün mən öz yerimi Məlahət xanıma verim.
Sədrlik edən. Məlahət xanıma mikrofon verin.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim, minnətdaram. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Sizdən çox xahiş edirəm, bu məsələni dəstəkləyəsiniz. Bir neçə ildir ki, Ermənistan strateji tərəfdaşlarının dəstəyi ilə ərazisində Atom Elektrik Stansiyası inşa edəcəyi ilə bağlı mətbuatda rəsmi və qeyri-rəsmi məlumatlar yayırdı. Bu günlərdə Ermənistanın mətbuat orqanlarında, eləcə də İnternet saytlarında, hətta xarici saytlarda, beynəlxalq mətbuatda Atom Elektrik Stansiyasının inşasının real olduğunu sübut edən məlumatlar verilir. Bu məlumatlarda həmin stansiyanın inşası üçün 2009-cu il fevralın 23-də tender elan olunması və 2009-cu il mayın 20-də isə Avstraliyanın bir şirkətinin həmin tenderi udduğu qeyd olunur. Bu tikintiyə 5 milyard dollara yaxın maliyyə vəsaiti ayrılmışdır. Ermənistanda hazırda fəaliyyətdə olan Metsamor ƏS-in əsasında inşa edilən bu obyekt 2016-cı ildə təhvil veriləcəkdir.
Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər Ermənistanda enerji bloklarının tikintisi dövlət inhisarında olmuşdur. Hazırda regionun ekoloji durumuna real təhlükə yaradan, yalnız ikinci bloku işləyən və 407 meqavat enerji hasil edən Metsamor ƏC fəaliyyət göstərir. Yeni blokun inşası nəticəsində enerji hasilatı 1000 meqavatdan da çox olacaq ki, bu da regionda çox böyük təhlükə yaradır.
Məlumdur ki, seysmik cəhətdən Ermənistan çox fəal zonadır və burada il ərzində müxtəlif bal gücündə zəlzələlər müşahidə olunur. Ermənistan ərazisində belə bir güclü ƏS-in fəaliyyəti bütün dünya üçün real təhlükədir. Bu gün dünyada nüvə silahlarının və digər kütləvi qırğın silahlarının istehsalına məhdudiyyətlər qoyulur. Bəşəriyyətin enerji tələbatını təmin etmək üçün təbii enerji ehtiyatlarından, hətta məişət tullantılarının təkrar istehsalından istifadə olunur. Amma beynəlxalq təşkilatların işğalçı kimi tanıdığı bir ölkənin ərazisində belə bir atom elektrik stansiyası tikilir. Bu gün BMT, MAQATE kimi nüfuzlu təşkilatlar bu məsələlərlə bağlı çox ciddi narahatlığını bildirirlər.
Mən sizdən çox xahiş edirəm, bu günlərdə inşasına başlanması nəzərdə tutulan və region üçün təhlükəli olan ƏS-in tikintisinə etiraz əlaməti olaraq, parlament adından beynəlxalq təşkilatlara müraciət qəbul edək. Biz MAQATE-yə, BMT-yə, beynəlxalq təşkilatlara müraciət edək və işğalçı kimi tanınan bir dövlətin ərazisində belə bir güclü ƏS-in tikintisini dayandırmağa nail olaq. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, Siz narahatlıq keçirirsiniz, amma köhnə atom stansiyasının rekonstruksiyası yaxşıdır. Mən inanmıram ki, Ermənistanın elə bir güclü ƏS tikməyə maliyyə imkanı olsun. Tender elan edə bilərlər, amma onun maliyyə məsələsi var. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxışımın əvvəlində bir vacib məsələyə toxunmaq istəyirəm. Bildiyiniz kimi, Fransa Milli Assambleyasının aşağı palatasının üzvü Ermənistanın ərazisindən Dağlıq Qarabağa səfər edib və orada səfərdədir. Bu barədə “Novosti Armenii” agentliyi məlumat verib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, biz Fransaya nota hazırlayırıq və Fransa səfiri də məlumatlandırılıb. Məncə, bu çox yumşaq bir addımdır. Biz bu faktdan istifadə edərək Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini ciddi şəkildə qaldırmalıyıq və Fransaya qarşı çox sərt bir mövqe ifadə etməliyik. Çünki həmin dövlət Azərbaycanın maraqlarına həm ATƏT-in Minsk qrupunda, həm də digər hallarda ziyan vurmaqdadır. Biz buna kəskin etirazımızı bildirməliyik. Mən hesab edirəm ki, bu məsələni diqqətdən kənarda saxlamaq olmaz.
İkincisi, hörmətli Sədr, bu yaxınlarda biz Milli Məclisin nümayəndə heyəti kimi Gürcüstanda səfərdə olduq, azərbaycanlıların yaşadıqları əksər kəndlərdə görüşlər keçirdik və onların problemləri ilə tanış olduq. Mən təşəkkür edirəm, çünki bu cür səfərlərin təşkil olunması vacibdir. Oradakı azərbaycanlılar müəyyən mənada dövlət qayğısının olduğunu, onların problemləri ilə maraqlandığını hiss etməli və həmin bölgədə öz mövqelərini gücləndirməlidirlər.
Mən hesab edirəm ki, biz Gürcüstan siyasəti ilə bağlı bir sıra məqamlara xüsusi diqqət yetirməliyik. Xüsusilə orada Azərbaycan dilində televiziya kanalının yoxluğu, televiziya proqramının məhdud səviyyədə olması və çox vaxt yayımının dayandırılması ciddi problemdir. Xatırlatmaq istəyirəm ki, Cavaxetiyada iki erməni televiziya kanalı var. Bu, olduqca ciddi məsələdir. Azərbaycanın radio kanalı belə qeydiyyatdan keçməyibdir. Bunu biz düşünüb köməklik göstərməliyik.
Bundan başqa, Gürcüstandakı məktəblərdə müəllim azlığı məsələsi var. Bizdə Gürcüstan vətəndaşı olan xeyli insanlar var ki, əvvəllər orada müəllim işləmişlər. Onları stimullaşdıraraq, müəyyən maddi təminatlar ödəyərək oraya qaytarmaq olar. Onların həmin məktəblərdə dərs deməsinə şərait yaratmalıyıq ki, oradakı azərbaycanlı uşaqlar lazımi səviyyədə təhsil alsınlar.
Təklif edərdim ki, orada məscidlərin tikilməsinə köməklik göstərilsin. Ən azı dini icma şəklində insanlar birlik forması əldə edə bilərlər. Bir sıra digər təkliflər də var və onları mən bizim rəhbər orqanlara ayrıca təqdim etmək istəyirəm. Ümid edirəm ki, Gürcüstan siyasətində dönüş yaratsaq, Gürcüstanda azərbaycanlıların aparıcı mövqeyə çıxmasına şərait yaratmış olarıq.
Sədrlik edən. Çox sağ olun. Sizin getməyinizdən və görüşlərdən mənim də xəbərim var. Bunlar çox gözəldir, hamısı ilə razıyam. Amma deyirsiniz ki, müəllimləri göndərək, stimul olsun. Ora getmək üçün stimul olmalıdır? Bizim fərqimiz odur ki, ermənilər stimulsuz gedirlər, stimul yaradırlar. Biz isə deyirik, stimul yaradaq ki, getsinlər. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, bu günlərdə İnternet media ilə bağlı geniş müzakirələr aparılır və onun hansısa müvafiq bir qurum tərəfindən tənzimlənib-tənzimlənməməsi məsələsi gündəmdədir. Təbii ki, bu məsələni mümkün sayanlar da var, qeyri-mümkün sayanlar da. Amma mən düşünürəm ki, digər sahələrdə olduğu kimi, məsələn, televiziya sahəsində, yazılı kütləvi informasiya vasitələri sahəsində olduğu kimi, İnternet media sahəsində də dünya təcrübəsini öyrənməklə tənzimləyici bir qurumun yaradılmasına ehtiyac var.
Şübhəsiz ki, söz azadlığını qorumaq şərti ilə belə bir qurumu yaratmağı elə jurnalistlərin öz öhdəsinə buraxmaq olar. Bilirsiniz ki, gənclərin, uşaqların, eyni zamanda, zəif xarakterli, səhhətində problemlər olan insanların bəzi informasiyaları alması, həmin informasiyalardan bəhrələnməsi sonradan çox ciddi və aradan qaldırılması mümkün olmayan fəsadlarla nəticələnən məsələlər ortaya çıxarır. Məsələn, Neft Akademiyasında baş verən, bu günlərdə 40 günü tamam olan qanlı faciəni nəzərdə tuturam. Mən əminəm ki, həmin faciənin baş verməsində İnternet mediada, həmçinin televiziyada yayılan bəzi təhlükəli informasiyaların da çox ciddi rolu olmuşdur.
Bilirsiniz ki, Azərbaycanda ən çox oxunan qəzetin tirajı 10 mindən o yana keçmir. Bunun da oxucu auditoriyası çox dar bir çərçivəni əhatə edir. Amma istər İnternet media, istərsə də televiziyalar bizim evimizin içində olduğuna görə, düşünürəm ki, orada istənilən informasiyanı yerləşdirməyə qadağa qoyulması vacibdir. Təbii ki, mən uşaqların, gənclərin, qadınların dünyagörüşünə, əhvali-ruhiyyəsinə təsir edə biləcək informasiyaları nəzərdə tuturam. Düşünürəm ki, biz qanunvericilikdə müəyyən əlavələr eləməklə, düzəlişlər eləməklə belə bir qurumun yaradılmasına rəvac verə bilər, Milli Məclis olaraq, bu prosesin iştirakçısı ola bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Çox təəssüf ki, son vaxtlar qonşu İran dövlətinin bəzi rəsimləri İsrail Prezidentinin iyunun sonunda Azərbaycana gözlənilən, planlaşdırılan səfəri ilə bağlı Azərbaycanın daxili işlərinə qarışır, Azərbaycanı təhdid edən açıqlamalar verirlər. Xüsusilə İranın kütləvi informasiya vasitələri bu amili əsas gətirərək, Azərbaycanı islam dünyasında, müsəlman dünyasında gözdən salan təbliğatla məşğuldurlar. Bu baxımdan parlamentdə bəzi fikirlərimi açıqlamağı özümə borc bildim.
Azərbaycan başqa ölkələrin, o cümlədən qonşu dövlətlərin daxili işlərinə həmişə hörmətlə yanaşır. Təbii ki, biz qonşu ölkələrin də Azərbaycanın daxili işlərinə hörmətlə yanaşmasını istəyirik. Azərbaycanın öz maraqlarına, dövlət maraqlarına uyğun olaraq, hansı ölkələrlə əlaqə qurması, hansı ölkələrin başçılarını dəvət etməsi onun daxili işidir və buna hörmətlə yanaşmalıdırlar. Üstəlik, İranın Azərbaycana islam həmrəyliyindən dərs keçməyə haqqı yoxdur.
Bizim müstəqilliyimizin 18 yaşı var. Müstəqilliyini yenicə əldə edən ölkə olmasına baxmayaraq, Azərbaycan islam həmrəyliyi üçün, müsəlman dünyası üçün əlindən gələni edib. Azərbaycan xalqı yaddan çıxarmır ki, torpaqları Ermənistan tərəfindən işğal olunanda İran hansı mövqeni tutmuşdur. Ermənistanla sərhədlərini bağlamadı. Bu gün islam həmrəyliyindən bizə dərs vermək istəyən ölkə müsəlman Azərbaycanın torpaqlarını işğal edən işğalçı ölkə ilə sərhədlərini bağlamadı. Nəinki sərhədləri bağlamadı, demək olar ki, hər il Ermənistana səfər edirlər. Elə bu yaxınlarda yenə qarşılıqlı səfərlər baş tutdu. İran Prezidenti Ermənistana səfərində vədlər verdi ki, sizi blokadadan çıxaracağıq, iqtisadi inkişafınıza dəstək verəcəyik.
İran iqtisadi, siyasi istiqamətlərdə işğalçı Ermənistana dəstək verir. Biz bunu hamımız təəssüf hissi ilə qarşılayırıq. O baxımdan İranın bəzi rəsmilərinin, kütləvi informasiya vasitələrinin Azərbaycanın daxili işlərinə qarışması, bu cür bəyanatlar verməsi, təbliğat aparması yolverilməzdir. Təbii ki, biz parlamentimizdən də səsləndiririk ki, bu cür təbliğata və açıqlamalara son qoyulmalıdır. Öncə İran dövləti öz siyasətinə baxmalıdır ki, Ermənistan müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Bir milyon azərbaycanlını – müsəlmanı öz yurd-yuvasına dönməyə imkan verməyən ölkə ilə münasibətlərə yenidən baxılmalıdır. Amma əksinə, bu əlaqələr hər il daha da genişləndirilir.
Sədrlik edən. Qənirə xanım, Siz bu məsələləri bir neçə dəfə demisiniz. Bu, İran dövlətinin rəsmi mövqeyi olmayıb. Bax, indi Siz də öz mövqeyinizi bildirirsiniz. Bu o demək deyil ki, Siz Azərbaycanın rəsmi mövqeyini bildirirsiniz. Medianın, müxalifətin, iqtidarın mövqeyi ola bilər, amma İran dövləti tərəfindən belə rəsmi mövqe bildirilməyib və bildirilməz də. Çünki bizim xarici işlər naziri də dedi ki, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, eləcə də heç kim bizim daxili işimizə qarışmır. Yəni bu, dövlət mövqeyi demək deyil, İranın belə bir rəsmi mövqeyi olmayıb. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Həqiqətən, əvvəllər də Dağlıq Qarabağın azərbaycanlı icması olmuşdur və danışıqlar prosesində iştirak etmişdir. Lakin mən hesab edirəm ki, İqbal bəyin qaldırdığı məsələ, həqiqətən, diqqəti cəlb edir və bu məsələnin üzərində ciddi şəkildə düşünmək lazımdır. Çünki onlar bir milyon qaçqının və köçkünün çox az bir hissəsini əhatə edir, habelə işğal olunmuş ərazilərin də çox az bir hissəsi Dağlıq Qarabağ adlanan ərazilərdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən sizin diqqətinizi ölkəmizin təhlükəsizliyi və müdafiəsi ilə bağlı çox ciddi məsələyə, oradakı vəziyyətə cəlb eləmək istəyirəm. Bilirsiniz ki, hazırda çağırış gedir. Birdən-birə sanki düşünülmüş şəkildə və yaxud, ola bilsin, hadisələrin təsadüfən üst-üstə düşməsi nəticəsində orduda cəmiyyəti, bizim seçicilərimizi, vətəndaşlarımızı maraqlandıran çox fövqəladə hadisələr baş verməyə başlamışdır. İş o yerə gəlib çatmışdır ki, hətta valideynlər tərəfindən bəzi kəndlərdə öz övladlarını orduya göndərməmək barədə çağırışlar edilmişdir. Hesab edirəm ki, əvvəla, bu, olduqca zərərli çağırışlardır. Azərbaycan ordusu Azərbaycan xalqının göz bəbəyidir.
Bizim övladlarımızın borcu, vəzifəsi Azərbaycan ordusunda xidmət eləməkdir. Bu cür çağırışlar, bunların yayılması, təbliğ edilməsi düşmənə xidmətdir. Hər halda kütləvi informasiya vasitələri də öz vəzifələrini yerinə yetirirlər. Cəmiyyəti bu cür narazılıqdan və həyəcanlanmadan yalnız susmaqla xilas eləmək, yaxud bu cür məlumatların yayılmasının əleyhinə çıxmaqla sakitləşdirmək mümkün deyil. Hesab edirəm ki, bu məsələlərin həllinin yalnız Müdafiə Nazirliyi rəhbərliyinin, şəxsən müdafiə naziri Səfər Əbiyevin üzərinə qoyulması doğru olmazdı.
Ölkədəki vəziyyətin, o cümlədən ordudakı vəziyyətin bütün məsuliyyəti birbaşa ölkənin Prezidenti, dövlət başçısı Ali baş komandan İlham Əliyevin üzərinə düşür. Ona görə də mənə elə gəlir ki, bu məsuliyyətdən çıxış edərək, həmin məsələlərə birbaşa Prezident, dövlət başçısı və Ali baş komandan olaraq İlham Əliyevin qarışmasına, müdaxilə eləməsinə, müvafiq qərarlar qəbul etməsinə, sərəncam və ya göstəriş verməsinə ehtiyac vardır.
Müsavat deputat qrupu hesab edir ki, yaranmış vəziyyətin çox ciddi bir şəkil və miqyas aldığını nəzərə alaraq, istər ali baş Komandan İlham Əliyev, istərsə də müdafiə naziri Səfər Əbiyev Milli Məclisin bu növbədənkənar sessiyasında ya özləri, ya da nümayəndələri vasitəsilə çıxış edib Milli Məclisə, habelə Azərbaycan cəmiyyətinə, seçicilərə məlumat verməsi narahatlıq doğuran vəziyyətin aradan qaldırılması üçün əhəmiyyətli olardı. Bu tələbi biz hərbi rəhbərlik və ali baş Komandan qarşısında qaldırırıq. Təşəkkür edirəm.
Sədrlik edən. Ciddi vəziyyət dediniz. Orada nə olub, nə ciddi vəziyyət var? Hər şeyi belə şişirtmək lazım deyil. Gül kimi ordumuz var, inkişaf edir. Nəsə yeməkxanada bir hadisə olub. “Çox ciddi vəziyyətdir” deyə, çağırış edənlərə vaxtilə anarxist deyirdilər. Elə anarxistlər çağırış edirlər ki, bu uşaqlar əsgərliyə getməsinlər. Xahiş edirəm, ordumuz haqqında bu sözləri söyləmək, hər dəfə belə şeyləri şişirtmək lazım deyil. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Son vaxtlar ordu ilə bağlı qəzetlərdə, kütləvi informasiya vasitələrində məlum hadisələrlə bağlı çoxlu yazılar getdi. Bu məsələ ilə əlaqədar sizə məlumat vermək istəyirəm ki, ordunun rəhbərliyi ilə, müdafiə naziri ilə, Baş Qərargah rəisi ilə və digər vəzifəli şəxslərlə şəxsən biz özümüz maraqlanmışıq, əlaqə saxlamışıq. Bir sıra millət vəkili guya zəhərlənmə adı altında qəzetlərdə gedən yazılarla bağlı həmin hissədə olublar. Heç bir kütləvi zəhərlənmədən söhbət getmir. Səbəblər müəyyənləşdirildi, analizlər açıqlandı. İctimaiyyətə hər şey bəlli oldu. Ona görə də belə şeylərdən istifadə edib, cəmiyyətdə ajiotaj yaratmaq, müxtəlif çağırışlar etmək tamamilə yersiz və mənasızdır.
Ordu hamınındır, ordu bütün cəmiyyətindir. Ona görə də bu məsələlərin hamısı Ali baş komandanın, möhtərəm Prezidentin diqqət mərkəzindədir. Özünüz də gözəl bilirsiniz ki, möhtərəm Prezident ən çox qayğını, diqqəti məhz orduya göstərir. Bilirsiniz ki, hərbi qulluqçuların sosial-iqtisadi məsələləri ilə bağlı, onların mənzil problemləri ilə bağlı hərbçilərin ipoteka problemləri ilə bağlı işlər gedir. Onlar da həll olunmaq üzrədir. Ümumiyyətlə, ordunun texniki təchizatı, orduda mövcud olan nizam-intizamla bağlı məsələlərin hamısı Ali baş komandanın nəzarətindədir. Ona görə mən də hesab edirəm ki, bu məsələləri şişirtməyə qətiyyən ehtiyac yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələr qurtardı, gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Üçüncü oxunuşdur. Buyursun Azay Quliyev.
A. Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! İcazə verin, öncə Könüllü fəaliyyət haqqında qanun layihəsini üçüncü oxunuş üçün Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil etdiyinizə görə, cənab Sədr, şəxsən Sizə QHT sektorunda könüllü olaraq fəaliyyət göstərən on minlərlə vətəndaşımız adından dərin minnətdarlığımı bildirim. İnanıram ki, belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bərabər, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və onun ayrı-ayrı təchizatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda, bu qanun layihəsinin qəbulu ölkəmizdə ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdıracaq, bununla da son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən islahatlara önəmli dəstək verəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Könüllü fəaliyyət haqqında qanun layihəsinin əsas mahiyyəti ətraflı müzakirə edildiyindən bu məsələyə toxunmadan birbaşa ikinci oxunuş zamanı deputat həmkarlarım tərəfindən qeyd olunmuş təkliflərin, həmçinin ekspert və mütəxəssislərin iştirakı ilə aparılan müzakirələrdə səslənmiş irad və təkliflərin üçüncü oxunuş üçün sizə təqdim edilən layihədə əks olunması barədə qısa məlumat vermək istərdim. Belə ki, ikinci oxunuşda Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov, deputat həmkarlarımızdan hörmətli Jalə Əliyeva, Aydın Həsənov, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı, Gülər Əhmədova, Fuad Muradov, Nizami Cəfərov, Nizami Xudiyev və başqaları qanun layihəsinin adı, fəaliyyət istiqamətləri, könüllü fəaliyyətin iştirakçılarının hüquq və vəzifələri, bu münasibətləri tənzimləyən müqavilə, könüllü fəaliyyət sahəsində beynəlxalq əlaqələr, könüllülərin sığortası və onlara ödəniləcək mümkün kompensasiya haqqında bir sıra mülahizələr irəli sürmüş, öz irad və təkliflərini bildirmişdilər.
Eyni zamanda, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclaslarında komitənin sədri hörmətli Əli Hüseynov və komitə üzvləri tərəfindən işçi qrupuna mahiyyəti üzrə faydalı təkliflər daxil olmuşdur. Bundan başqa, qanun layihəsi ilə əlaqədar Prezident Administrasiyasının müvafiq şöbələrinin mütəxəssislərinin, beynəlxalq təşkilatların ekspertlərinin və QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil edilmiş və bu müzakirələr nəticəsində formalaşmış rəy və təkliflər ümumiləşdirilmişdir. Bütövlükdə təqdim olunmuş rəy və təkliflərin hamısı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Milli Məclisin Aparatı, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi və işçi qrupu tərəfindən hərtərəfli öyrənilmiş və onların əksəriyyəti nəzərə alınmışdır.
Fürsətdən istifadə edib, müzakirədə yaxından iştirak edən bütün deputat həmkarlarıma, Milli Məclisin Aparatına, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə, işçi qrupunun üzvlərinə, həmçinin qanun layihəsinin hazırlanmasında və təkmilləşdirilməsində şəxsi iştirakına və sanballı töhfəsinə görə Milli Məclis Sədrinin müavini hörmətli Valeh müəllim Ələsgərova dərin minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, üçüncü oxunuş üçün ayrı-ayrı maddələrə mahiyyəti üzrə edilmiş redaktə xarakterli əlavə və dəyişiklikləri diqqətinizə təqdim edirəm. İlk növbədə qanunun adı ilə bağlı. Bilirsiniz ki, ikinci oxunuşda qanunun adı “Könüllülük fəaliyyəti haqqında” idi. Sonra üçüncü oxunuşda qanun layihəsinin adı dəyişildi və “Könüllü fəaliyyət haqqında” adlandırıldı. Həmçinin redaktə xarakterli digər dəyişikliklər oldu. Bunu mən diqqətinizə çatdırmaq istəyirəm.
İkincisi, “Qanunun məqsədi” adlı 1-ci maddə aşağıdakı redaksiyada verilir: “Bu Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir”.
“Əsas anlayışlar” adlandırılan 2-ci maddənin birinci bəndi ilə ikinci bəndinin yerləri dəyişdirilir və aşağıdakı redaksiyada verilir: “2.1. Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
2.2. Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir”.
İkinci oxunuşda “Könüllü fəaliyyətin növləri” adlandırılan 3-cü maddənin adı dəyişdirilib və “Könüllü fəaliyyətin istiqamətləri” ilə əvəz edilmişdir. Bu maddəyə aşağıdakı bəndlər də əlavə edilir:
“3.0.11. Silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
3.0.12. Cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi.”
“Könüllü fəaliyyətin iştirakçıları” adlanan 4-cü maddədə aşağıdakı bəndlər yenə redaksiyada verilir: “4.3. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir.
4.7. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır”.
İkinci oxunuşdan fərqli olaraq, üçüncü oxunuşda könüllü fəaliyyətin təşkilatçılarının hüquqları 5-ci, vəzifələri 6-cı, könüllülərin hüquqları 7-ci, vəzifələri isə 8-ci maddələrdə ayrıca verilmişdir.
6-cı maddə “Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri” adlanır. Bu maddəyə aşağıdakı bəndlər əlavə edilir: “6.0.8. “Könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək; 6.0.7. Könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq dövlət orqanına məlumat vermək”.
“Könüllülərin hüquqları” adlanan 7-ci maddədə aşağıdakı bəndlər yeni redaksiyada verilir: “7.1.7. Könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq;
7.1.8. Sığorta olunmaq;”
Bu maddəyə aşağıdakı bəndlər əlavə edilir: “7.1.9. Öz əmlakından istifadəyə görə kompensasiya almaq,
7.2. Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur”.
“Könüllülərin vəzifələri” adlanan maddənin aşağıdakı bəndi yeni redaksiyada verilir: “8.1.4. Könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək.”
Həmçinin bu maddəyə aşağıdakı bəndlər əlavə edilir: “8.1.5. Vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
8.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq.
Yeri gəlmişkən, komitənin sədri hörmətli Əli müəllim mənə məlumat verdi ki, həm bu maddədə, həm də 6.2-ci maddədə “informasiya” sözü “məlumat”la əvəz olunur. Eyni zamanda, “konfidensial informasiya” “məxfi məlumat”la əvəzlənir. Bu da hörmətli Valeh müəllimin təklifidir. Mən də bunu burada səsləndirirəm ki, bu redaksiyada həmin maddələri qəbul edəsiniz. “Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə” adlanan 9-cu maddədə aşağıdakı bənd yeni redaksiyada verilir: “9.1. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.”
Bu maddəyə aşağıdakı bəndlər də əlavə edilir: “9.2.6. Müqaviləyə xitam verilməsi qaydası.
9.4. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur.
9.6. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir.
9.7. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər”.
Nəhayət, sonuncu 10-cu maddə “Könüllü fəaliyyət sahəsində beynəlxalq əlaqələr” adlanır. Bu maddədə aşağıdakı bənd yeni redaksiyada verilir:
“10.2. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər”.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Göründüyü kimi, Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikası qanunun layihəsi üçüncü oxunuş üçün xeyli təkmilləşdirilmiş və layihəyə çox mühüm yeniliklər edilmişdir. Şübhəsiz, bu qanunun qəbulu ölkəmizdə yeni ictimai münasibətlərin hüquqi əsasını yaratmaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğunda, eləcə də humanitar fəaliyyət sahələrində indiyədək mövcud olan bir sıra problemlərin həllinə ciddi təkan verəcək və ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının sürətlənməsinə müsbət təsir göstərəcəkdir.
Əminəm ki, Azərbaycan könüllüləri, həmçinin ictimai və humanitar fəaliyyəti özü üçün həyat amalı seçmiş vətəndaşlarımız, eləcə də onların əcnəbi tərəfdaşları ali qanunvericilik orqanımızın bu qanunun qəbul etməsindən xeyli ruhlanacaq və ölkəmizin inkişafı üçün daha səylə çalışacaqlar. Sonda, hörmətli cənab Sədr, qanun müəllifi olmaq kimi məsuliyyətli və şərəfli vəzifənin gerçəkləşməsində mənə verdiyiniz dəstəyə görə bir daha Sizə çox sağ olun deyir, bütövlükdə layihəyə səs verəcək bütün həmkarlarıma əvvəlcədən minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın müəllim həmişə layihənin səsə qoyulmasına tərəfdardır, amma indi sözü var. Buyurun.
A. Həsənov. Hörmətli millət vəkilləri, mən də bizim Silahlı Qüvvələrin ünvanına tənqidi çıxışlar edilməsinə çox mənfi rəyimi bildirirəm və xahiş edirəm, Silahlı Qüvvələr haqqında belə tənqidi çıxışlar az olsun. Amerika Birləşmiş Ştatlarının o boyda ordusunda 20 nəfər birdən intihar elədi, amma heç bir qəzetdə yazılmadı. Həmçinin Rusiyada, Finlandiyada, 500 milyona yaxın ordusu olan Çində gündə yüzlərcə fəlakət olur, amma heç kim onu işıqlandırmır. Yüz minlərcə adam orduda xidmət eləyir, zəhərlənmə də olacaq, elektrik cərəyanı da vuracaq, qabaqdan yay gəlir, suda boğulub ölən də olacaq. Bunların hamısını işıqlandırıb məsələni şişirtməyə ehtiyac yoxdur.
İkincisi, hesab edirəm ki, müzakirəyə çıxarılmış Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının qanun layihəsi özünün aktuallığı ilə diqqəti cəlb edir və qəbul edilmək üçün tam hazır vəziyyətdədir. Bu qanun layihəsi Azərbaycan hökumətinin könüllü ictimai birliklərə, qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqətin və qayğının təzahürü kimi qiymətləndirilməlidir. Müasir dünyada yoxsulluğun azaldılması, uğurların əldə edilməsi istiqamətində qarşılaşdığımız problemlər ciddi əhəmiyyət daşıyır. Bu problemlərin həlli bizim hamımızın, hökumətlərin, beynəlxalq təşkilatların, özəl sektorun və geniş mənada vətəndaş cəmiyyətinin birgə fəaliyyətini və qarşılıqlı əməkdaşlığını şərtləndirir. Heç şübhəsiz ki, könüllü fəaliyyət bu məqsədlərin həyata keçirilməsində əvəzedilməz rol oynayır.
Etiraf etmək lazımdır ki, qanun layihəsinin hazırlanması mərhələsində bəzi qurumlar belə bir qanunun qəbul edilməsini zəruri hesab etmir və bunu qanunun mövcud olmadığı dönəmlərlə də ayrı-ayrı vətəndaşların və ictimai birliklərin könüllülük fəaliyyətini həyata keçirməsi ilə əsaslandırırdılar. Lakin hesab edirəm ki, geniş ictimai funksiyanı həyata keçirən ictimai birliklərin və digər könüllü qurumların fəaliyyətini tənzimləmək üçün hüquqi baza formalaşdırılmalıdır. Bu baxımdan qanunu könüllü ictimai birliklərə, qeyri-hökumət təşkilatlarına hökumətin qayğısı kimi qiymətləndirirəm.
Bu qanunun qəbulu möhtərəm cənab Prezidentimizin imzaladığı “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncamda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi qeyd olunduqdan sonra gündəmə gətirilib və qanun layihəsi məhz bu sərəncamın qarşıya qoyduğu vəzifələrdən irəli gəlib. Aldığımız məlumata görə, qanun layihəsi müvafiq beynəlxalq tərəfdaşlar tərəfindən öyrənilib. Layihənin hazırlanmasında Norveç, Portuqaliya və digər ölkələrin təcrübələrindən də istifadə edilib.
Məlumdur ki, könüllülük fəaliyyətinin həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri də maliyyə məsələsidir. Belə olan halda fərdi sahibkarların və ya kommersiya qurumlarının könüllü fəaliyyət ilə məşğul olmasına qoyulan qadağa məntiqi deyildir. Layihənin birinci və ikinci oxunuşunda da bu məsələyə iradlar bildirildi. Heç kəsdə şübhə doğurmur ki, hazırkı dövrdə qocalar və körpələr evi, ayrı-ayrı qaçqın və məcburi köçkün ailələri və əhalinin digər aztəminatlı təbəqələri məhz fərdi sahibkarların və kommersiya qurumlarının himayəsindədir. Bu baxımdan həmin kateqoriyaya könüllülük fəaliyyəti ilə məşğul olmağı qadağan etmək məqsədəuyğun deyildir.
Bundan başqa, qanunun 4.6-cı maddəsində yetkinlik yaşına çatmamış şəxslərin könüllü fəaliyyətlə məşğul olması üçün valideynlərdən və ya qanuni nümayəndələrindən razılıq alması barədə qoyulan tələb də məqsədəuyğun deyildir. Məlumdur ki, sivil dövlətlərdə könüllülərin özəyini məhz 18 yaşına çatmamış şəxslər təşkil edirlər və könüllülük fəaliyyəti üçün valideynlərdən icazə almaları tələb olunmur. Layihədə həmçinin könüllülük fəaliyyəti ilə yalnız təşkilatlanmış şəxslərin məşğul ola bilməsi üçün qoyulan norma da ədalətli deyil. Bu, qanunun cəmiyyətdə nüfuzdan düşməsinə, ya da əhəmiyyətsiz normativ hüquqi akta çevrilməsinə təkan verəcəkdir. Belə çıxır ki, vətəndaş qonşuluqda yaşayan ahıl, kimsəsiz, yaxud əlil olan birisinə qulluq etmək, ona maddi və mənəvi baxımdan arxa durmaq üçün hansısa ictimai birlik yaratmalıdır, yaxud fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarına üzv olmalıdır.
Hesab edirəm ki, qanun həddən artıq humanist prinsipləri özündə əks etdirir və tənha insanların, kimsəsizlərin, köməyə ehtiyacı olanların tələbatlarının ödənilməsi məqsədi ilə hüquqi baza rolunu oynaya bilər. Mən qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da bu humanist layihənin qəbul olunmasına səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, əgər başqa təklif yoxdursa, Könüllü fəaliyyət haqqında qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.54 dəq.)

Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Cənab Sədr, hörmətli Məclis! Layihədə Naxçıvan şəhərinin inzibati ərazisinə Babək rayonunun beş kəndinin daxil edilməsi nəzərdə tutulub. Məsələ kifayət qədər əsaslandırılıb və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Nəzərdə tutulan kəndlər Babək rayonunun inzibati ərazisində olsalar da, Naxçıvana daha yaxındırlar. Onların yol və digər kommunikasiyaları Naxçıvanla əlaqəlidir.
Bu, idarəetmənin təkmilləşdirilməsinə, icra orqanlarının əhaliyə yaxınlaşdırılmasına, kəndlərin inkişafına təkan verəcəkdir. Eyni zamanda, Muxtar Respublikanın mərkəzi Naxçıvan şəhərinin də inkişafına şərait yaradacaqdır. Nəzərdə tutulan kəndlər Qaraxanbəyli, Qaraçuq, Bulqan, Tumbul, Hacıniyyət kəndləridir. Bunlardan əlavə, Naxçıvanın inzibati ərazisinə qış otlaq sahələri və dövlət torpaqları da daxil edilir. Birləşmə nəticəsində Naxçıvan şəhərinin inzibati ərazisi 19,2 min kvadrat kilometrə çatdırılacaqdır. Diqqətinizə görə sağ olun.
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Arif müəllim. Bizim hörmətli deputatlarımız çıxış eləmək istəyirlər. İsmayıl Hacıyev, buyurun.
İ. Hacıyev. Hörmətli deputatlar, hörmətli media nümayəndələri! Komitə sədri Arif müəllimin təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələrinin və onların əhatə etdiyi kəndlərin Naxçıvan şəhərinin tərkibinə verilməsi haqqındakı məlumat tamamilə obyektiv və əhatəlidir. Onu qeyd etməliyik ki, vaxtilə indiki Naxçıvan şəhəri Naxçıvan rayonunun mərkəzi idi, sonradan Babək rayonunun yaradılması ilə əlaqədar Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtı kimi qaldı və Babək rayonunun paytaxtı Babək qəsəbəsi seçildi. Qeyd olunan kəndlərin Naxçıvan şəhərinin tərkibinə verilməsi tamamilə qanunauyğundur. Qeyd olunduğu kimi, həmin kəndlər artıq Naxçıvanla xeyli dərəcədə qaynayıb qarışmışdır. Qaraçuq və Qaraxanbəyli kəndləri, sadəcə olaraq, dəmir yolu vasitəsilə Naxçıvan şəhərindən ayrılıb. Qalan infrastrukturlar, yollar şəhərlə daha çox əlaqəlidir.
İkincisi, Tumbul, Bulqan və Hacıniyyət kəndlərini Naxçıvan şəhərinin 3-cü mikrorayonundan yalnız bir yol ayırır. Naxçıvan şəhərində olan bir sıra müəssisələr isə Tumbul kəndinin ərazisi ilə əlaqəlidir. Bütün bunlar əsas verir ki, həmin kəndlərin Naxçıvan şəhərinin inzibati tərkibinə verilməsi qanunauyğundur və deputat həmkarlarımızdan xahiş edirəm ki, müzakirənizə təqdim olunan qanun layihəsini dəstəkləyəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinin qəbul olunmasını zamanın, inkişafın diktə tələbi kimi vacib sayıram. Məndən əvvəl deputat həmkarım İsmayıl Hacıyevin qeyd elədiyi kimi, faktiki olaraq, qanun layihəsində göstərilən inzibati ərazi vahidlərini əhatə edən yaşayış məntəqələrinin, demək olar ki, yarıdan çoxu elə Naxçıvan şəhəri ilə əlaqəlidir. Misal üçün, Naxçıvan Dövlət Universiteti üçün tikilmiş dördmərtəbəli yaşayış korpusu Hacıniyyət kəndinin ərazisində yerləşir. Fövqəladə Hallar Nazirliyinə aid olan müəssisələrin, idarələrin, demək olar ki, əksəriyyəti Qaraxanbəyli kəndinin ərazisindədir.
Bundan başqa, Naxçıvan şəhəri böyük sürətlə inkişaf edib. Yaxın gələcəkdə Naxçıvan şəhərinin Araz çayı vadisinə doğru inkişafı üçün böyük plan həyata keçiriləcəkdir. İstər-istəməz bu planın həyata keçirilməsi həmin kəndlərin Naxçıvan şəhəri ilə birləşdirilməsini zəruri edir. Mən hesab edirəm ki, adı çəkilən yaşayış məntəqələrinin Naxçıvan şəhərinə birləşdirilməsi Babək rayonunun inkişafı üçün də əhəmiyyətlidir. Eyni zamanda, bu kəndlərin şəhər statusu alması həmin kəndlərin normal inkişafına da şərait yaradacaqdır. Bundan başqa, həmin kəndlərin Naxçıvan şəhərinə birləşdirilməsi şəhərin imkanlarının genişləndirilməsinə meydan açır. Ona görə də bu qanunun qəbul edilməsi bütövlükdə Naxçıvan Muxtar Respublikasının inkişafı üçün hesablanmış əhəmiyyətli addımdır. Mən də bu addımı dəstəkləyirəm və hörmətli həmkarlarımı təqdim olunan qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Təbii ki, mən də burada danışmaya bilməzdim. Çünki burada Babək rayonundakı müəyyən kəndlər Naxçıvan şəhərinin tabeliyinə birləşdirilir. Mən də Naxçıvan şəhərindən seçilən deputatam və fürsətdən istifadə edib, hörmətli həmkarım Arif müəllimə minnətdarlığımı bildirmək istəyirəm ki, bu sənədi yüksək səviyyədə komitədə müzakirə ediblər. Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Bəli, bu gün blokadada olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin böyüməsinin, genişlənməsinin təkcə iqtisadi yox, həm də böyük siyasi əhəmiyyəti var. Bu siyasi əhəmiyyəti nəzərdə tutaraq, bir daha hörmətli həmkarlarımın fikirlərini dəstəkləyirəm və mən də hörmətli deputatlardan xahiş edirəm ki, bu dəyişikliyə səs verək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Deputat həmkarlarımız bu məsələni qeyd elədilər. Doğrudan da, həmin ərazilərin çoxdan Naxçıvan şəhərinin tərkibində olması, sonradan Babək rayonunun yaradılması nəticəsində həmin ərazilərin ora verilməsi, faktiki olaraq, burada İsa müəllimin də, Eldar müəllimin də qeyd elədiyi kimi, şəhərin infrastrukturuna daxil olan bir məsələdir. Ona görə də Arif müəllim tərəfindən təqdim olunan layihənin qəbul olunmasını deputat həmkarlarımdan xahiş edirəm. Naxçıvanın Araz çayına doğru daha da genişlənməsi, şəhərin gözəlləşməsi, yeni parkların salınması, yaşayış massivlərinin salınması, dövlət idarələrinin tikilməsi məqsədəuyğundur. Bu baxımdan sizi qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Hesab edirəm ki, Naxçıvandan seçilmiş hörmətli deputatlarımız yekdillik göstərdilər. Ona görə də etiraz yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.03 dəq.)

Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun. Qanun layihəsi bələdiyyələrin Dövlət reyestrinin aparılmasını nəzərdə tutur. Bildiyiniz kimi, hazırda respublikada 1760-a qədər bələdiyyə var. Bu bələdiyyələrin qeydiyyatı Milli Məclisdə aparılır. Söhbət ondan gedir ki, bu qeydiyyata daha yüksək Dövlət reyestri statusu verilsin və eyni zamanda, bələdiyyələrə Milli Məclisdə şəhadətnamələr verilsin. Təkliflər bundan ibarətdir və qəbul olunandan sonra müvafiq qanun layihəsi hazırlanacaq. Güman edirik ki, qanun layihəsi payız sessiyasında müzakirənizə təqdim olunacaq.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Pənah Hüseyn çıxış eləmək istəyir. Buyurun.
P. Hüseyn. Təşəkkür edirəm. Möhtərəm deputatlar, mən fürsətdən istifadə edib, deputat Siyavuş Novruzovun qaldırdığı məsələlərə bir daha diqqətinizi cəlb eləmək istəyirəm. Ola bilsin ki, bu, növbədənkənar sessiyanın axırıncı iclasından əvvəlki iclasdır. Sonra oktyabr ayına qədər sessiya olmayacaq, dekabrda isə bələdiyyə seçkiləri gözlənilir. Bu baxımdan, həqiqətən, bələdiyyələrlə bağlı, xüsusən bələdiyyə seçkiləri ilə bağlı qanunlar qəbul ediləcəksə, hər halda müvafiq qanunlara dəyişikliklərin edilməsi çox zəruri görünür. Bu məsələ təcili şəkildə həll olunmalıdır. Mənə elə gəlir ki, müvafiq komitə və şöbələr bu ayın axırına qədər, yəni növbədənkənar sessiya ərzində bu məsələni həll edə bilərlər.
Bir halda ki, bu məsələyə toxunduq, mən də mühüm saydığım bir neçə məsələyə müvafiq komitələrin üzvü olan deputatların və bizim əməkdaşların, şöbə mütəxəssislərinin diqqətini cəlb etmək istəyirəm. Şübhəsiz ki, bu, birinci növbədə, ötən iclaslarda bir sıra deputatlar tərəfindən də qaldırılan bələdiyyə seçkilərinə dəyişikliyin edilməsidir. Həqiqətən, azad, ədalətli, demokratik seçki keçiriləcəksə, kəndlərin birləşdirilməsi nəticəsində rayon yerlərində təmsilçiliklə bağlı problemlər yaradacaq. Bu yaşayış məntəqələrində bələdiyyə seçkilərinin müəyyən kvotalarla keçirilməsi nəzərdə tutulur. Mən özüm məsələ ilə bağlı Prezident Administrasiyasının müvafiq sektorlarının, sonra bizim Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları ilə, hüquqşünaslarla, bu sahədə təcrübəsi olan şəxslərlə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi ilə söhbət etmişəm. Sözün doğrusu, icra hakimiyyəti orqanlarından bu sahədə hansısa qanunvericilik təşəbbüsü gözlənilmir. Bu məsələni, ola bilər ki, özümüz də qanunvericilik təşəbbüsü qaydasında hazırlayıb təqdim edəcəyik.
İkinci məsələ. Hörmətli deputatlar, bələdiyyələr parçalansın, ya birləşdirilsin, statusu qaldırılsın, yaxud azaldılsın, onların, həqiqətən, reallaşması üçün hər halda qanunvericilikdə təsbit edilməsi zəruri olan müəyyən məsələlər vardır. Seçkilərin çoxpartiyalılıq prinsiplərinə əsasən keçirilməsi milli konstitusion normalarda nəzərdə tutulmayıb. Bu, bələdiyyə sədrlərinin birbaşa seçilməsi ilə əlaqədardır. Burada başqa variantlar da təklif olunmuşdu. Mənə elə gəlir ki, bələdiyyə sədrlərinin birbaşa seçkilərdə seçilməsi məsələnin həllində optimal model olardı.
Nəhayət, bu gün dəyişiklik etdiyimiz Qanunda bələdiyyələrin statusunun ciddi şəkildə artırılması, onların real özünüidarə orqanlarına çevrilməsi, yerli icra orqanlarının əlavəsindən, bölməsindən, şöbəsindən, onların əlaltısından cəmiyyətin inkişafı üçün əhəmiyyətli bir instituta çevrilməsi üçün, mənə elə gəlir ki, Qanunun özünə də ciddi şəkildə baxmaq lazımdır. Təbii ki, hər şeyin əsasında seçkilərin demokratik, azad və ədalətli keçirilməsi durur. Bu baxımdan qaldırılan məsələlərə hörmətli Milli Məclisin rəhbərliyi, müvafiq komitənin rəhbərliyi və üzvləri diqqət yetirməlidirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən gündəlikdə də qismən bu məsələyə toxundum. Keçən dəfə bələdiyyələrin birləşməsi ilə əlaqədar müzakirədə də bu məsələyə toxunmuşdum. Bizim Regional məsələlər komitəsi mütəmadi olaraq, əvvəllər də, indi də, bələdiyyələrin statusu ilə, onların inkişafı ilə, bələdiyyə torpaqları ilə, icarəyə verilməsi ilə bağlı çoxlu qanunlar təqdim edir. Bələdiyyələrlə bağlı Azərbaycanda həm keyfiyyət baxımından, həm də çoxşaxəlilik baxımından qanunlar çoxdur. İndi biz statusla bağlı qərar qəbul edirik.
Burada iki məsələyə xüsusi toxunmaq istəyirəm. Keçən dəfə də bələdiyyələrin birləşməsi ilə, bələdiyyə üzvlərinin sayının azaldılması ilə bağlı bu məsələni qaldırmışdım. Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə əlaqədar bir xeyli dəyişikliyə və əlavələrə ehtiyac var. Bunların hər ikisi bir-biri ilə bağlılıq təşkil etdiyinə görə mən Seçki Məcəlləsini də bu məsələyə qoşuram. Ümumilikdə, bələdiyyə seçkilərinin keçirilməsi elan olunsa, Seçki Məcəlləsinin bu hissəsində müvafiq boşluqlar var. Bu boşluqların doldurulması üçün mütləq orada əlavə və dəyişikliklərə ehtiyac yaranır və bu olmalıdır.
İkincisi, bələdiyyələrə əlavə statusların verilməsi, onların statuslarının artırılması təqdirəlayiq haldır. Çünki bu, yerli özünüidarəetmədir və əhalinin etimadını doğruldan bir orqandır. Bu baxımdan mən bu qanun layihəsinə səs verəcəyəm. Arif müəllimdən də xahiş edərdim ki, bizim təkliflərimiz aidiyyəti orqanlarla müzakirə olunsun. Əgər lazımdırsa, mən özüm də bunun hazırlanmasında iştirak etməyə hazıram. Çünki bələdiyyələrlə bağlı əvvəlki qanunların hazırlanmasının böyük əksəriyyətində mənim iştirakım olubdur. İstər onların seçki sistemləri ilə əlaqədar, istərsə də onların statusu ilə bağlı məsələləri yaxşı bilirəm. Ona görə də lazımdırsa, mən də öz köməkliyimi əsirgəmərəm. Seçki Məcəlləsi ilə paralel olaraq, bu işin aparılmasında həm nəzəri, həm də praktiki funksiyanı yerinə yetiririk. O baxımdan nə köməklik lazımdırsa, göstərə bilərik. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bu sessiyada biz buna baxıb qəbul etməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A. Rəhimzadə. Sağ olun. Bir neçə dəfədir ki, bələdiyyələrin birləşməsi ilə əlaqədar təkliflər səslənir. Mən istərdim, həmin məsələlərlə əlaqədar özümün və komitənin fikrini bildirim. Həqiqətən də, bələdiyyələrin birləşməsi ilə əlaqədar bir neçə problem ortaya çıxır. Birincisi, təmsilçilik problemidir. Biz bilirik ki, 5–6 kənd, yaşayış məntəqəsi birləşir və bir bələdiyyə yaradılır. Bunların əhalisinin sayı da müxtəlifdir. Təbii ki, bunların seçicilərinin də sayı müxtəlifdir. Necə etmək lazımdır ki, bələdiyyə seçkilərində onların nümayəndəsi kənarda qalmasın. Heç olmasa, hər bir yaşayış məntəqəsinin bir nümayəndəsi bələdiyyəyə seçilsin və kvota məsələsi həll olunsun. Bununla əlaqədar komitədə bir neçə dəfə müzakirəmiz də olub. Qarşıda duran məsələləri biz müəyyən qədər formalaşdırmışıq. Ancaq bizə çoxlu göstərişlər verirlər. Biz narazı deyilik. Ancaq istərdik ki, konkret təkliflər verilsin. Misal üçün, hazırda bələdiyyə üzvləri yaşayış məntəqəsində yaşayanların sayından asılı olaraq müəyyənləşdirilir. Bu kvotalar qalacaq, yoxsa azalacaq? Biz necə edək ki, hər bir yaşayış məntəqəsinin təmsilçiliyi təmsil olunsun?
İkinci məsələ bələdiyyə qərarlarında bələdiyyələrin maraqlarının gözlənilməsi ilə bağlıdır. İndiyə kimi bələdiyyə səs verirdi və səs çoxluğuna görə hansısa qərar qəbul olunurdu. Ancaq indi belə bir hal yarana bilər ki, bələdiyyə nümayəndəsi ora seçilməsin, yaxud seçilsin, ancaq səs çoxluğunun hesabına onun maraqlarına toxunan bir qərar qəbul olunsun. Biz hesab edirik ki, bu məsələ ilə əlaqədar konsensus forması tətbiq olunmalıdır. Ola bilsin, başqa yollar da ola bilər.
Ümumiyyətlə, bunlar çox ciddi və mürəkkəb məsələlərdir. Biz bu məsələlər üzərində işləyirik və konkret təkliflər varsa, biz minnətdar olardıq. Bu ay ərzində bu qanun layihəsini hazırlayıb, razılaşdırıb müzakirəyə vermək qeyri-real məsələdir. Ancaq biz payız sessiyası başlayan kimi bu məsələlərin hamısını razılaşdırıb Milli Məclisin müzakirəsinə verməyə hazırıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi ilə əlaqədar başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Çingiz müəllim, yəqin, Siz məlumat verəcəksiniz. Buyurun.
Ç. Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, hazırda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 1995-ci il 24 mart tarixli və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli qanunları qüvvədədir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 may tarixli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası qanununun qəbul edilməsi zəruridir. Bu məsələ komitəmizdə müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul olundu, çox sağ olun.
Növbəti məsələ Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Çingiz müəllim, buyurun.
Ç. Əsədullayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanununun layihəsinə Milli Məclisin İqtisadi siyasət komitəsində baxılmış, komitənin iclasında iştirak edən bütün üzvlər tərəfindən onun Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilmişdir.
Son illər Azərbaycanın maliyyə bank sistemində aparılan institusional dəyişikliklər bank sisteminin ölkə iqtisadiyyatının inkişafında aparıcı sahəyə çevrilməsinə səbəb olmuşdur. Kredit məhsullarına artan tələb bank sisteminin tərkib hissəsi olan bank olmayan kredit təşkilatlarının fəaliyyətini stimullaşdırır və onların filial şəbəkəsinin genişlənməsinə səbəb olur. İndiyə qədər bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən ayrıca qanun yox idi. Beynalxalq təcrübə də göstərir ki, bir sıra ölkələrdə mikromaliyyələşmə spesifik fəaliyyət növü olduğuna görə bu sahəni tənzimləyən qanunlar ayrıca blok təşkil edir.
Ölkə rəhbərliyi tərəfindən xüsusi önəm verilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinin çıxış imkanlarının artırılması məsələsini qarşımıza qoyur. Cari ilin əvvəlində ölkədə 46 bank, habelə onların 666 filial və şöbələri fəaliyyət göstərir. Bununla yanaşı, poçt şöbələrinə maliyyə xidmətlərinin göstərilməsinə icazə verilmişdir.
Məlum olduğu kimi, banklar, adətən, iri investisiya layihələri həyata keçirən və biznes mühiti aktiv olan regionlara maraq göstərirlər. Bu da təbiidir. Belə olan halda qeyd olunan meyarlara görə nisbətən az inkişaf etmiş bölgələr kommersiya banklarının diqqətindən kənarda qalırlar. Halbuki məhz bu regionlarda canlanma yaratmaq üçün kiçik həcmli mikrokreditlərə çox ehtiyac var. Bununla yanaşı, bankların fəaliyyəti qanunvericiliklə təsbit edilən bir sıra sərt normativlərlə tənzimlənir. Bunları mikromaliyyələşmə ilə məşğul olan təşkilatlara tətbiq etdikdə həmin təşkilatların fəaliyyəti kəskin məhdudlaşır. Məhz buna görə də əksər ölkələrdə mikromaliyyələşməni inkişaf etdirmək məqsədi ilə daha yumşaq tələblər tətbiq olunur və bu sahəni banklardan ayırırlar.
2009-cu ilin əvvəlindən ölkədə 94 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlardan 75-i kredit ittifaqı, yalnız 19-u kredit təşkilatıdır. Onlardan 18-i beynəlxalq humanitar təşkilatlar tərəfindən, biri isə yerli kapital hesabına maliyyələşir. Kredit ittifaqlarının fəaliyyəti 2000-ci ildə qəbul edilmiş “Kredit İttifaqları haqqında” Qanunla tənzimlənir. Kredit təşkilatlarının fəaliyyəti isə müəyyən qaydalarla tənzimlənir. Göründüyü kimi, bu sahənin inkişafına böyük ehtiyac duyulur.
Müzakirəyə çıxarılan qanun layihəsində bank olmayan kredit təşkilatlarının lisenziyasında xüsusi qeyd olduqda girov əmanətinin qəbul edilməsi nəzərdə tutulur. İqtisadi siyasət komitəsinin iclasında bu məsələyə xüsusi diqqət ayrılmışdır. Belə ki, burada çirkli pulların yuyulması ilə bağlı bir sıra risklər ortaya çıxa bilər. Yəni “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də şamil edilməlidir.
Belə bir qanun layihəsinin qəbulu ilə bank olmayan kredit təşkilatlarının inkişafı üçün hüquqi baza yaradılacaq və ölkədə mikromaliyyə bazarının inkişafına təkan veriləcəkdir. Bununla yanaşı, yeni bank olmayan kredit təşkilatlarının yaradılması və onların filial şəbəkəsinin genişləndirilməsi, ölkənin maliyyə bank sisteminin institusional inkişafına xidmət göstərəcəkdir. Qeyd olunanları nəzərə alaraq, konseptual qaydada bu qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Hörmətli deputatlar, müzakirəyə keçməzdən əvvəl məlumat üçün bildirim ki, bizim bugünkü iclasımızda Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və həmin bankın Hüquq departamentinin müdiri Rəna Məlikova iştirak edirlər. Əgər suallarınız olsa, müraciət edə bilərsiniz. Çingiz müəllim, bugünkü iclasda bankın nümayəndələri iştirak edirlər. Amma ikinci oxunuşda bank olmayan kredit təşkilatlarının nümayəndələri də dəvət olunsalar, hesab edirəm, işin xeyrinə olar. Müzakirəyə başlayırıq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlumat verildi ki, Bank olmayan kredit təşkilatları haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində geniş müzakirə olunub. Qanun layihəsi ilə əlaqədar komitədə bir sıra iradlarımızı bildirmişik. Ümumi götürəndə qanun layihəsini konseptual cəhətdən qəbul edirik. Amma orada elə maddələr var ki, onunla əlaqədar müəyyən mübahisələr də olur. Azərbaycanda qanun olmamasına baxmayaraq, bank olmayan kredit təşkilatları bu gün də fəaliyyət göstərir. Azərbaycanda 94-ə yaxın belə təşkilat var. Onun 18-i, faktiki olaraq, mikromaliyyələşdirmə ilə, həmin kreditlərin verilməsi ilə məşğul olur.
Bank olmayan kredit təşkilatlarının yaranmasının Azərbaycanın indiki iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti var. Çünki Azərbaycanın regionlarında kiçik mikromaliyyələşdirməni həyata keçirmək üçün belə kredit təşkilatının yaranması önəmli məsələdir. Biz bu qanun layihəsinin Milli Məclisə təqdim olunmasını təqdirəlayiq hesab edirik. Bununla bərabər, qanun layihəsində bir sıra məsələlər var ki, ciddi mübahisələr doğurur. Ən ciddi mübahisələrdən biri girov əmanəti ilə əlaqədardır.
Qanun layihəsində göstərilir ki, bank olmayan kredit təşkilatları yalnız girov əmanəti nağd pul şəklində olduqda kredit verə bilər. Əgər rayonda və ya kənddə yaşayan hər hansı bir insanın nağd pulu varsa, həmin puldan yavaş-yavaş kredit vasitəsi ilə istifadə etmədən də, yəni kreditsiz də müəyyən sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər. Ona görə hesab edirik ki, “girov əmanəti” deyəndə yalnız nağd puldan söhbət gedə bilməz. Yəni banklarda olduğu kimi, əmlak, torpaq sahəsini də girov qoymaq imkanı olmalıdır. Bayaq qeyd etdiyim kimi, mikromaliyyələşmə təşkilatlarında kreditlərin kiçik məbləğlərdə verilməsinə baxmayaraq, yalnız nağd pulun yox, qeyri-nağd olan əmlakların da girov qoyulmasına imkan yaratmaq lazımdır.
Qanun layihəsinin konsepsiyası düzgün olsa da, müəyyən məsələlərə hədd qoyulmalıdır. Yəni bu yaxınlarda mikromaliyyələşmə təşkilatı o dərəcədə inkişaf etdi ki, banka çevrildi və “Accessbank” kimi böyük bir bank yaradıldı. Azərbaycanda bu dəqiqə zəngin insanlar çoxdur. Bank olmayan kredit təşkilatlarında da müəyyən hədd qoyulmasa, 3–4 nəfər yığışıb bank olmayan kredit təşkilatı yarada bilər və Azərbaycanda bu gün fəaliyyət göstərən bankları da iflic vəziyyətə sala bilərlər. Orada faiz dərəcələri aşağı ola bilər. Ona görə də Azərbaycanda bu gün fəaliyyət göstərən 50-yə yaxın bank üçün ciddi risklər yarana bilər. Bunların hamısı qanun layihəsində həllini tapmalıdır. İstər faiz dərəcələrinə, istərsə də ümumi məbləğə, nizamnamə kapitalına müəyyən bir hədd qoyulmalıdır.
Qanun layihəsinə fikir verəndə görürük ki, bu, bank olmayan kredit təşkilatıdır. Əgər bu, bank olmayan kredit təşkilatıdırsa, Mərkəzi Bankdan onun asılılığını azaltmaq lazımdır. Amma fikir versəniz, qanun layihəsində lisenziya verilməsindən tutmuş faizlərinə qədər proseslərin hamısına nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir. Bank olmayan kredit təşkilatının bankdan fərqi yalnız depozitlə bağlıdır. Yəni onlar depozitlər, əmanətlər qəbul edə bilməzlər. Qalan bütün fəaliyyətlər bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də daxildir.
Lisenziya Mərkəzi Bank tərəfindən vaxt məhdudiyyəti qoyulmadan verilir. Bunu da müəyyən müddətə salmaq lazımdır. Yəni müəyyən yoxlamaları həyata keçirmək üçün 5 il, 3 il müddətinə lisenziya verilə bilər.
Bizi ciddi narahat edən məsələ, Çingiz müəllimin də qeyd etdiyi kimi, çirkli pulların bank olmayan kredit təşkilatları vasitəsi ilə yuyulmasıdır. Bu, çox ciddi məsələdir. Bu məsələ ilə əlaqədar əsas tələbimiz ondan ibarətdir ki, burada hədlər qoyulsun, normativlər müəyyən olunsun. Normativlər öz əksini qanun layihəsində tapmalıdır. Ümumi götürəndə hesab edirəm ki, qanun layihəsi bu gün Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Qanun layihəsi birinci oxunuş üçün qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Mən bildiyimə görə, Azərbaycanda artıq belə təşkilatlar var və kredit verirlər. Yəni hələ belə bir təhlükə mövcud deyil ki, onlar bankları iflic etsinlər. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mərkəzi Bankın əmanətlərin sığorta məbləğini 6 min manatdan 30 min manata çatdırması, uçot dərəcələrinin 15 faizdən 2 faizə endirməsi istiqamətində atılan addımları yüksək qiymətləndirir və bunun məntiqi davamı kimi, Bank olmayan kredit təşkilatlar haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsini məqsədəuyğun hesab edirəm. Burada da qeyd olunduğu kimi, artıq bu istiqamətdə Azərbaycanda müəyyən strukturlar fəaliyyət göstərir. Onların xeyli hissəsi, yarıdan çoxu rayonlarda fəaliyyət göstərir ki, bu da rayonlarda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.
Ziyafət müəllim, maraqlı cəhət ondan ibarətdir ki, bu təşkilatlarda faiz dərəcələri 24 faizdən 36 faizə qədərdir. Amma banklarda faiz dərəcələri olsa-olsa, 20–24 faiz arasındadır. Buna baxmayaraq, həmin təşkilatlardan alınan kreditlərin qaytarılması 99 faiz təşkil edir. Alınan kreditlərin qaytarılması ilə əlaqədar problem yoxdur. Eyni zamanda, burada faiz dərəcələrinin yüksək olmasına baxmayaraq, insanlar buna meyil edirlər. Ona görə ki, mikromaliyyələşdirmə strukturlarında banklarda olduğu qədər bürokratiya yoxdur, banklarda olduğu qədər insanları çək-çevirə salmırlar, banklarda olduğu qədər əlavə problemlər ortaya çıxmır. Keçən il Azərbaycanda Mikromaliyyələşdirmə Bankının özəl banklar arasında ən reytinqli bank kimi ortaya çıxması bunu sübut edir.
Eyni zamanda, hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir və deputat həmkarlarımı bu qanunu birinci oxunuşda qəbul etməyə çağırıram. Təbii ki, daha mükəmməl qanun qəbul etməkdən ötrü bir sıra məqamlara aydınlıq gətirməyə ehtiyac var. Birincisi, biz beynəlxalq təcrübədən də, öz təcrübəmizdən də istifadə edə bilərik. Öz təcrübəmizin çox maraqlı bir cəhəti var. Kredit təşkilatları kredit verəndə nağd pulla yox, həmin ailənin məişət texnikasını, televizoru, soyuducunu, yaxud mebeli girov kimi götürür. Bir anlığa təsəvvür edin ki, kimsə 10 min manat kredit alır. Bunun üçün qabaqcadan 3600–4000 manat girov qoymalıdır. Mənim elə 4000 manatım olsa, yavaş-yavaş kiçik biznesə başlayaram. Bax, bu ziddiyyəti aradan qaldırmaq lazımdır ki, girov torpaqda, daşınmaz əmlak da, mənzildə olan əşyalar da ola bilər. Bu, daha məqbul variantdır, nəinki ikinci variant.
İkincisi, əgər bugünkü böhran vəziyyətində bu qanun qəbul edildikdən sonra Azərbaycanın xaricdə olan pullarının bir hissəsi bu kanal vasitəsilə Azərbaycana qayıdacaqsa, onun qıraq-bucağına toxunmadan alqışlamaq lazımdır. Bu, gözəl bir variantdır. Həmin vəsaitlər Azərbaycana gələcək, kiçik və orta biznesin inkişafına, istehsalın inkişafına kömək edəcək. Bir dəfə də biz ağıllı olmalıyıq. Ona görə də hesab edirəm ki, bu mexanizm vasitəsilə təkcə beynəlxalq təşkilatların yox, Azərbaycanın xaricdə olan pullarının da xeyli hissəsini Azərbaycana gətirib regionların inkişafının daha sürətlə, daha mükəmməl, daha dolğun şəkildə həyata keçirilməsinə sərf etmək olar. Mən bunu səmimi və çox vacib hesab edirəm. Belə bir mexanizmdən istifadə olunmalıdır.
Lisenziyanın müddətsiz verilməsi başqa qanunvericilikdə əksini tapdığına görə həmin prinsip burada qeyd olunmayıb. Amma elə məsələlər var ki, burada həmin məsələlərə aydınlıq gətirmək lazımdır. Əvvəla, faiz dərəcələri həddindən artıq yüksəkdir. Özünüz bilirsiniz ki, Azərbaycanda qayıtmayan kreditlərin faizi çox aşağı idi – 1 faiz, maksimum 2 faiz idi. İndi 3,2 faiz olub. Proqnozlara görə bu rəqəm getdikcə artacaq. Burada qaytarılmayan kreditlərin faiz dərəcələrini aşağı salmaq, yaxud onun artmasının qarşısını almaq üçün əlavə mexanizmin yaradılmasına, əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Eyni zamanda, burada maraq doğuran məsələlərdən biri də bank olmayan kredit təşkilatlarının onlara aid olmayan əlavə funksiyalarla yüklənməsidir. Məsələn, burada, Ziyafət müəllim, 15.1.6-cı maddədə sığorta agenti xidmətinin göstərilməsindən söhbət gedir. Hesab edirəm ki, bu cür təşkilatların sığorta işi ilə məşğul olan xüsusi strukturlar var və sığorta agentliyinə aid olan funksiyaların bura əlavə edilməsi əlavə yükdür.
Qanun layihəsində bir sıra məsələlər var ki, onların müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, “milli” sözü, “dövlət” sözü işlədilir. Mikromaliyyədə nə milli, nə dövlət? Bu, həddindən artıq iri strukturlar üçündür. Burada “milli” və “dövlət” sözlərinin işlədilməsi vacib deyil. Hesab edirəm ki, bunlar yerində olmayan məsələlərdir. Eyni zamanda, elə məsələlər var ki, onlara bir növ aydınlıq gətirməyə ehtiyac duyulur. Çünki bu, bilavasitə belə gündəlik həyatımızda işlənən bir qanun olacaq və hər ay kredit alıb-qaytarmağa ehtiyacı olan insanlara şamil ediləcək. Ona görə də burada yazılan cümlələrin xeyli hissəsi birmənalı şəkildə olmalıdır, aydın olmalıdır. Kredit alan insanlar birmənalı şəkildə bilməlidirlər ki, hansı meyarlar çərçivəsində kredit alacaqlar və qaytaracaqlar.
Fikrimi əvvəlki cümləmə qayıtmaqla tamamlamaq istəyirəm. Bu, antiböhran paketinin tərkib hissəsi kimi, Azərbaycanda kiçik və orta biznesin inkişafına xidmət edən çox sanballı, vacib bir qanundur. Ona görə də deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, bu qəbildən olan qanunlarla bağlı Əli Məsimlinin həmişə maraqlı fikirləri olur. Əli müəllim, buyurun, təkliflərinizi yazılı şəkildə komitə rəhbərliyinə verin. Bizim hələ ikinci oxunuşa qədər vaxtımız olacaq. İkinci oxunuşda, güman edirəm ki, bunları nəzərə almaq olar. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, müzakirəyə təqdim olunmuş layihə olduqca mühüm bir layihədir. Ölkədə həm maliyyə bank sektorunun inkişafında, həm də mikrokreditləşmənin inkişafında çox möhkəm hüquqi baza yarada biləcək bir layihədir. Bu layihənin qəbul olunması Azərbaycanda bank olmayan kredit təşkilatlarının yaradılması üçün hüquqi baza olmaqla, bu sahənin inkişafına təkan verməklə yanaşı, beynəlxalq donor və qrant mənbələrindən daha səmərəli istifadə etməyə imkan yaradacaqdır. Bank sektorunun mikrokreditləşmə sahəsində olan yükünün azaldılmasına və bu yükün bank olmayan kredit təşkilatları hesabına paylanmasına təkan verəcək, ölkəyə ucuz maliyyə resurslarının cəlb edilməsinə, eyni zamanda, bu sahədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiq olunmasına imkanlar yaradacaqdır. Bu layihə sosial sahənin inkişafına, müdafiəyə ehtiyacı olan insanların maliyyə şəraitlərinin yaxşılaşdırılmasına təkan verəcəkdir. Bu, ucqar və kənd rayonlarında yaşayan yoxsul insanların öz kiçik biznesini qurmasına, kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yoxsulluğun azaldılmasına, kənd yerlərində yaşayan insanların məşğulluğunun təmin edilməsinə çox böyük dəstəyi olan bir qanun layihəsidir.
Düşünürəm ki, bu qanun Milli Məclisdə tezliklə qəbul olunacaq və fəaliyyətə başlayacaqdır. Eyni zamanda, məndən öncə çıxış edən deputat həmkarlarımın təkliflərinə də qoşulur, onların narahatlığını da bölüşürəm. Düşünürəm ki, bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı yarananda aşağı həddə olmalıdır ki, çox sayda belə təşkilatların yaranmasına şərait yaradılsın. Çox sayda bu cür təşkilatlar yaranarsa, təbii ki, daha çox beynəlxalq donor təşkilatlar Azərbaycana cəlb oluna bilər və mikrokreditləşmənin inkişafına dolayısı yolla da xidmətini göstərə bilər.
Eyni zamanda, bank olmayan kredit təşkilatlarının sayının çox olması Azərbaycanda rəqabət mühitinin yaranmasına xidmət edəcək və bu sahədə inhisarçılığın yaranmasının qarşısını alan bir amil olacaq, kreditlərin faizinin aşağı salınmasına şərait yaradacaqdır. Məncə, lisenziyanın ömürlük verilməsi məhz təqdirəlayiq bir haldır. Hesab edirəm ki, başqa sahələrdə də lisenziyanın ömürlük, müddətsiz verilməsi məsələsinə baxmaq lazımdır. Ümumiyyətlə, lisenziya verilirsə, ömürlük verilməlidir. Sonradan lisenziyanın nə şəraitdə yerinə yetirilməsi, necə həyata keçirilməsi artıq nəzarət orqanlarının işidir və lazım olan halda həmin orqan lisenziya fəaliyyətini dayandıra bilər.
Bu layihədə hamını narahat edən, o cümlədən məni də düşündürən məsələ girov əmanəti maddəsi ilə bağlıdır. Düşünürəm ki, bu maddəyə çox ciddi şəkildə aydınlıq gətirilməlidir, ya da ümumiyyətlə, pul şəklində girovun qoyulması məsələsi ortadan qalxmalıdır. Mənim fikrimcə, əgər girovun pul şəklində qoyulması maddəsi qalarsa, bu, bank olmayan kredit təşkilatlarının inkişafına deyil, əksinə, süqutuna gətirib çıxaran bir müddəa olacaq. Doğrudan da, bank olmayan kredit təşkilatlardan az məbləğdə mikrokreditləri götürən kimlərdir? Orta və ortadan aşağı səviyyədə yaşayan insanlardır ki, kənd yerində özünə bir inək, beş qoyun alıb öz məşğulluğunu təmin etməlidir, yaxud balaca bir torpaq sahəsini əkmək üçün texnika almalıdır və sair. Əgər pulu girov qoyacaqsa, yaxud pulu varsa, kredit götürmədən həmin puldan istifadə edə bilər. Mən düşünürəm ki, bu məsələyə baxılmalıdır.
Burada iki növ bank olmayan kredit təşkilatlarından söhbət gedir: girov əmanəti götürən və götürməyən. Bəlkə biz girov əmanəti götürən kredit təşkilatlarını depozit qəbul edən kredit təşkilatı kimi verək və onlar maddi imkanlarını yaxşılaşdırmaq üçün öz fəaliyyətlərində həm də müəyyən faizlə depozitlər qəbul edə bilsinlər. Bu mənada düşünürəm ki, əgər girov məsələsi aradan qalxarsa, bu qanunda başqa müzakirə olunası, ciddi etiraz doğurası bir müddəa yoxdur. Biz hətta növbəti iclasımızda bu qanun layihəsini ikinci və üçüncü oxunuşlarda da qəbul edə bilərik. Yəni növbədənkənar sessiya ərzində bu qanunu qəbul edib payızda artıq bu işə uğurlar arzulaya bilərik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bank sistemi haqqında qanunvericilik aktlarında kredit təşkilatları iki qrupa bölünür: banklar və bank olmayan kredit təşkilatları. Başqa ölkələrdə olduğu kimi, son vaxtlar bizim ölkəmizdə də bank olmayan kredit təşkilatlarının yaradılmasına və fəaliyyətinin genişləndirilməsinə diqqət artırılmışdır. Bu isə onunla əlaqədardır ki, bank olmayan kredit təşkilatları hüquqi şəxslər arasında əməliyyatları daha tez və keyfiyyətlə yerinə yetirir. Digər kredit təşkilatlarından fərqli olaraq, öz adlarında pul vəsaiti yerləşdirmir və investisiya fəaliyyəti ilə məşğul olmurlar. Bunun nəticəsində qiymətli kağızların qiymətlərinin aşağı düşməsi, xarici valyutanın kursunun dəyişməsi ilə əlaqədar risklər bank olmayan kredit təşkilatların fəaliyyətində müşahidə olunmur.
Bank olmayan kredit təşkilatları anlayışına Azərbaycan Respublikasının qanunvericilik aktlarında da rast gəlinir. İstər əvvəlki, istərsə də mövcud “Banklar haqqında” Qanunda bank olmayan kredit təşkilatları haqqında müəyyən müddəalar vardır. Lakin bu müddəalar bank olmayan kredit təşkilatların fəaliyyətinin cüzi bir hissəsini əks etdirir. Ona görə də bu təşkilatın xüsusi bazaya əsaslanaraq fəaliyyət göstərməsi haqqında fikir söyləmək mümkün deyildir. Digər tərəfidən, ölkəmizdə bank olmayan kredit təşkilatları var və onlar, əsasən, “Banklar haqqında” Qanuna və Mərkəzi Bankın qəbul etdiyi normativ sənədlərə uyğun olaraq fəaliyyət göstərirlər.
Eyni zamanda, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilir ki, bank olmayan kredit təşkilatları öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabından yalnız pul formasında kredit verməklə məşğul olan hüquqi şəxsdir. Bu isə o deməkdir ki, 2004-cü ilin yanvar ayına kimi qüvvədə olmuş Qanunun əksinə olaraq, hazırda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları ayrı-ayrı bank əməliyyatları apara bilməzlər. Belə bir halda təşkilat yalnız kredit verməklə investisiyaları cəlb edə bilmir. Fəaliyyətinin dairəsi dar çərçivədə olduğundan təşkilata olan maraq da getdikcə azalır.
Mövcud qanunvericilikdə bank olmayan kredit təşkilatının yaradılması qaydası, konkret fəaliyyət dairəsi, fəaliyyət rejiminin tənzimlənməsi, təşkilatın idarə olunması və bu kimi digər məsələləri özündə əks etdirən müddəaların olmaması bank olmayan kredit təşkilatlarının xidmətlərindən daha çox fiziki və hüquqi şəxslərin yararlanmasına imkan vermir. Bunu nəzərə alaraq, təşkilat haqqında ayrıca bir qanunun qəbul edilməsinə ehtiyac duyulur.
Bu mənada Milli Məclisin müzakirəsinə təqdim olunmuş Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi konseptual cəhətdən vacibdir və maraq doğurur. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi sahibkarlara maliyyə xidmətinin yaxşılaşdırılması üçün, onların maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi üçün əlverişli şərait yaradacaq, habelə bu təşkilatların konkret hüquqi bazaya əsaslanaraq təsis edilməsini, idarə olunmasını və fəaliyyətinin tənzimlənməsini təmin edəcəkdir.
Bütün bunları nəzərə alaraq, Bank olmayan kredit təşkilatları haqqında qanun layihəsinin qəbul edilməsini məqsədəuyğun hesab edirəm və onun lehinə səs verəcəyəm. Bununla yanaşı, qanun layihəsi ilə bağlı bəzi irad və təkliflərimi də bildirmək istərdim. 1.0.1-ci maddədə göstərilir: “Bank olmayan kredit təşkilatı – xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır”. Hesab edirəm ki, anlayışda “xüsusi razılıq”, yəni “lisenziya əsasında” sözləri yazılsa, daha uyğun olar. Ona görə ki, burada lisenziya alınması yalnız kreditlərin verilməsi ilə əlaqələndirilir. Lakin layihənin 15.2-ci maddəsində qeyd olunur: “Bu Qanunun 15.1-ci maddəsində göstərilən hər hansı fəaliyyət növü ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət orqanından müvafiq lisenziyanın alınması tələb olunan hallarda, bank olmayan kredit təşkilatları yalnız həmin lisenziyanı aldıqdan sonra bu fəaliyyəti həyata keçirə bilər”. Digər tərəfdən, layihənin lisenziyanın alınmasına həsr olunmuş III fəslinin 10.1-ci maddəsində göstərilir: “Bank olmayan kredit təşkilatları bu Qanunla nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün Mərkəzi Bankdan lisenziya almalıdır”.
15.1.6-cı maddədə isə sığorta agenti xidmətinin göstərilməsinə icazə verilir. Mövcud qanunvericiliyə uyğun olaraq, həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziyanın verilməsi səlahiyyəti Azərbaycan Respublikasının maliyyə nazirinə məxsusdur. Göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün 10.1-ci maddədən lisenziya verilməsi məsələsi çıxarılmalı, həmin maddə 15.2-ci maddə ilə uzlaşmalıdır.
1.0.3-cü maddədə “girov əmanəti” anlayışının mənası başa düşülmür. Bu anlayışın bir qədər dəqiqləşdirilməsi tələb olunur. 15.2-ci maddədə bank olmayan kredit təşkilatlarının “hər hansı fəaliyyət növü ilə məşğul olması” göstərilir, lakin bu növlər haqqında, onlardan hansı hallarda istifadə olunması haqqında müddəa yoxdur.
15-ci maddədə bank olmayan kredit təşkilatlarının məşğul ola biləcəyi fəaliyyət növləri sadalanır. Bu təşkilatın fəaliyyətinin tənzimlənməsi rejimi haqqında müddəalar yoxdur. Qeyd etmək lazımdır ki, eyni bank əməliyyatı həm banklar, həm də bank olmayan kredit təşkilatları tərəfindən müxtəlif qaydalarda həyata keçirildiyindən layihədə bu təşkilatın səlahiyyətləri hər bir fəaliyyət növü üzrə ayrı-ayrı maddələrdə əksini tapmalıdır.
26.2-ci maddədə qeyd olunur: “Bank olmayan kredit təşkilatları bu Qanun qüvvəyə mindikdən əvvəl Mərkəzi Bankdan aldıqları lisenziyalarda nəzərdə tutulmuş fəaliyyət növlərini lisenziyaları qüvvədə olduğu müddətdə davam etdirə bilərlər”. Lakin 2004-cü ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” Qanunun 12.1-ci və mövcud “Banklar haqqında” Qanunun 6.2-ci maddəsində göstərilir ki, bank lisenziyaları müddətsiz verilir. Belə olan halda 26.2-ci maddədən “lisenziya qüvvədə olduğu müddətdə” sözləri çıxarılmalıdır.
Mövcud qanunvericilikdə qeyd edildiyi kimi, kredit təşkilatları mənfəət əldə etmək üçün yararlıdır. Yəni onlar kommersiya təşkilatlarıdır. Lakin layihənin 5.1-ci maddəsində göstərilir ki, bank olmayan kredit təşkilatları kommersiya və qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş təşkilatı hüquqi formada təsis edilə bilər. Bu ziddiyyətlərin aradan qaldırılmasına ehtiyac var. Hesab edirəm ki, göstərilən nöqsan və çatışmazlıqları ikinci oxunuşla aradan qaldıracağıq. Layihə birinci oxunuşun tələblərinə uyğundur və Sizdən onu səsə qoymağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Məndən əvvəl çıxış edən deputat həmkarlarım – Vahid Əhmədov, Əli Məsimli, Musa Quliyev və Eldar Quliyev bu qanun layihəsi barədə maraqlı fikirlər söylədilər. Burada mənim demək istədiyim bəzi məqamlar, bəzi fikirlər deyildi, toxunuldu. Şübhəsiz, deyilən fikirlərin özü də bu və ya digər mənada mübahisələrə səbəb olur.
Cənab Sədr, bizim qanunvericilik təcrübəmizdə elə məsələlər var ki, onların əksəriyyəti sonrakı oxunuşların, yəni ikinci və ya üçüncü oxunuşların predmetidir. Buna görə də mən bəri başdan deyirəm ki, bu qanunun layihəsinin konseptual baxımdan qəbul edilməsinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.
Ümumiyyətlə, ölkədə bank olmayan kredit təşkilatlarının sayı get-gedə artır. Bu bir həqiqətdir. Görünür ki, bu, zamanın tələbidir. Qlobal maliyyə böhranı şəraitində də, tərəqqi dövründə də mikromaliyyələşməyə, yəni bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləmək üçün hüquqi bazanın yaradılmasına böyük ehtiyac vardır. Bayaq deyildiyi kimi, bu, çevik mikromaliyyələşdirmə mexanizminin tətbiqinə və sivil qaydalarda sahibkarların fəaliyyətinə xidmət edir.
Hesab edirəm ki, qanun vaxtında Milli Məclisin müzakirəsinə verilib və İqtisadi siyasət komitəsində geniş müzakirə olunub. Orada bəzi qüsurlar və nöqsanlar da söylənildi. Xüsusilə burada girov haqqında danışıldı. Yəni girovların pul vəsaiti ilə yox, maddi əşya ilə, daşınmaz əmlakla, zinət əşyaları ilə, ev əşyaları ilə əvəz olunmasından söhbət getdi. Bu yöndə diskussiyalar oldu. Bank olmayan kredit təşkilatları haqqında qanunda nəzarətedici müddəaların nəzərdə tutulması, bu və ya digər banklar tərəfindən faizlərin aşağı salınması, mexaniki olaraq müştərilərin cəlb edilməsi kimi məsələlər diqqəti cəlb edir. Əlbəttə, qanunda bu məsələlər tənzimlənməlidir. Bəzi müddəalar sonrakı oxunuşlarda da bizim tərəfimizdən araşdırılacaqdır.
Qanunun çox üstün cəhətlərindən biri də sığorta məbləğinin və uçot dərəcəsinin tənzimlənməsi ilə bağlıdır. Burada göstərilən həmin normaları xüsusi qeyd etmək istərdim. Çünki ölkəmizdə sahibkarlar, iş adamları, mikromaliyyələşməyə ehtiyacı olan əhali kütləsi bunu tələb edir. Əlbəttə, milli sahibkarlığın inkişafı üçün bu addımların atılmasına böyük ehtiyac vardır. Güman edirəm ki, belə amillər, belə məqamlar qanunun səmərə verməsinə və iqtisadi mexanizmlərin işə salınmasına güclü təsir göstərəcəkdir.
Mən bir daha demək istəyirəm ki, əgər bank olmayan kredit təşkilatları haqqında qanun qəbul edilərsə, Milli Məclisdə deputat həmkarlarım tərəfindən, habelə Mərkəzi Bankın əməkdaşları, eləcə də ictimaiyyət tərəfindən söylənilən fikirlər nəzərə alınarsa, bu, ölkədə fəaliyyətdə olan bankların yükünün azaldılmasına təsir göstərəcəkdir. Çünki istər-istəməz ehtiyacı olan əhali kütləsi belə hallarda banklara müraciət etməli olur.
Bu qanun layihəsinin qəbulu bankların yükünün azaldılmasına əhəmiyyətli təsir göstərəcək, mikromaliyyələşmədə operativliyin təmin edilməsinə gətirib çıxaracaqdır. Cənab Sədr, hesab edirəm ki, belə bir qanun layihəsinin bu gün Milli Məclis tərəfindən birinci oxunuşda səsə qoyulması məqsədəuyğun olardı. Burada söylənilən elə məsələlər var ki, onlar ikinci oxunuşun predmetidir. Onları indi deməyə o qədər də ehtiyac duymuram. Mən bir daha bütün deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli deputat həmkarlarım, hörmətli mətbuat təmsilçiləri! Məndən öncə çıxış edən həmkarlarım, həqiqətən də, qanun layihəsinin konseptual baxımdan aktual olması ilə bağlı çox vacib fikirlər söylədilər. Mən də hesab edirəm ki, mikromaliyyə sisteminin ölkənin bütün coğrafiyasını əhatə etməsi baxımından bu qanun layihəsi çox aktualdır. Qeyd olunduğu kimi, bu istiqamətdə ölkədə çox mühüm işlər görülmüşdür.
2001-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında saziş imzalanmış və ilk dəfə Azərbaycanda bank olmayan kredit təşkilatları yaradılmışdır. İlkin mərhələdə ölkənin beş regionunda bu cür layihələr həyata keçirilmiş və sonradan həmin layihələr ölkənin bütün coğrafiyasını əhatə etmişdir. Bunun nəticəsində ölkədə 200-dən çox borc alan qrup yaranmışdır. Həmin layihənin mahiyyəti ondan ibarət idi ki, həmin qruplar inkişaf etsin və gələcəkdə bank olmayan kredit təşkilatına çevrilsin. Eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafına kömək etsin.
Bu gün təklif olunan qanun layihəsi, hesab edirəm ki, məhz belə bir strukturun hüquqi bazasının yaradılmasına yönəldilmişdir. Qanun layihəsi haqqında çıxış edən həmkarlarım tərəfindən söylənilən bir fikrə mən də münasibətimi bildirmək istəyirəm. Bu, qanun layihəsinin 1.0.3-cü və 18-ci maddələrində nəzərdə tutulan girov əmanəti ilə bağlıdır. Mən də hesab edirəm ki, bu məsələ, həqiqətən də, böyük problemlər yaradacaqdır. İkinci oxunuşda bu maddələrin yenidən işlənməsinə ehtiyac var. Təsəvvür edin ki, belə bir struktur yaradılanda iştirakçılardan 300 manat həcmində vəsait tələb olunurdu. Bu da xeyli çətinlik yaradırdı. Bu baxımdan hesab edirəm ki, girov məsələsinə baxılmalıdır, əgər onun işlək olmasını fikirləşiriksə, mütləq ikinci oxunuşda bu məsələ nəzərə alınmalı, yenidən işlənməlidir.
Hesab edirəm ki, lisenziyanın müddətsiz verilməsi məsələsi də vacibdir. Bu çox mühüm bənddir və bunu mütləq saxlamaq lazımdır. Çünki 10-cu maddədə lisenziyadan imtina üçün xüsusi bənd nəzərdə tutulmuşdur. Bilirsiniz ki, kənd yerlərində belə bir qurumun yaradılması, həmçinin lisenziya ləğv olunandan sonra onun bərpası çətindir. Mərkəzi Bankın səlahiyyəti var ki, bu qurumları yoxlasın və lisenziyadan imtina etsin. Ona görə də mən hesab edirəm ki, lisenziyanın müddətsiz verilməsi çox vacibdir.
Bank olmayan kredit təşkilatlarının gələcəkdə inkişaf edərək banklara çevrilməsi dünya praktikasında var. Dünya miqyasında çox böyük banklar əvvəlcə kredit ittifaqlarından başlayıbdır. Mənə elə gəlir ki, bundan qorxmağa ehtiyac yoxdur. Hesab edirəm ki, 11-ci, 12-ci və 26-cı maddələrdə toxunulan məsələlər ikinci oxunuşun müzakirə mövzusudur. Yəqin ki, o zaman fikirlərimizi deyəcəyik. Ümumiyyətlə, kənd camaatı üçün çox mühüm və vacib bir qanun layihəsidir və öz həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər etiraz yoxdursa, Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevə söz verək.
A. Quliyev, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin birinci müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə millət vəkillərinə bu qanun layihəsinin əhəmiyyəti, vacibliyi və zərurəti barədə bizim fikirləri bölüşdükləri üçün dərin təşəkkürümü bildirirəm. Vaxtınızı çox almadan burada səslənən suallar ətrafında Mərkəzi Bankın mövqeyini hörmətli deputatların nəzərinə çatdırmaq istəyirəm.
İlk növbədə girov əmanəti ilə bağlı məsələ bütün deputatları maraqlandırdı. Bəri başdan qeyd edim ki, “girov əmanəti” anlayışının burada verilməsi o demək deyil ki, kreditlər verilərkən digər girov növlərindən istifadə oluna bilməz. Qanunun müvafiq maddələrində göstərildiyi kimi, bank olmayan kredit təşkilatları təminatlı və təminatsız kreditlər verə bilər. “Kredit müqaviləsi” adlanan 17-ci maddədə də bu təminatın formaları dəqiq müəyyənləşdirilir. Girov əmanəti məsələsi ilk dəfə bu qanun layihəsində əksini tapdığı üçün biz bunu anlayış formasında vermişik.
Girov əmanəti məsələsinin mahiyyəti nədən ibarətdir? Tutaq ki, hər hansı bir borc alanın, yaxud borc alanlar qrupunun əlində müəyyən məbləğdə vəsait var və bu vəsait onların aldıqları kreditdən aşağı səviyyədədir. Onlar toplaşıb öz vəsaitlərini əmanət şəklində həmin bank olmayan kredit təşkilatında yerləşdirməklə bir növ həmin kreditin qaytarılmasında intizamı gücləndirmiş olur və bayaq sadalanan digər girovların rəsmiləşdirilməsinə çəkiləcək xərclərdən azad olacaqlar. Bu da kreditin ödəniş intizamına çox müsbət təsir göstərəcəkdir. Bank olmayan kredit təşkilatlarının girov əmanətini qəbul etməsi heç də o demək deyil ki, vətəndaşlardan əmanət qəbul edəcək. Bu əmanətin məbləği alınan kreditin həcmi və müddəti ilə məhdudlaşacaq. Həmin əmanətlərin risksiz əməliyyatlarda yerləşdirilməsi burada öz əksini tapıb. Biz burada Rəna xanım ilə də məsləhətləşdik. Qanun layihəsində daha dəqiq formada digər girov formalarının da qəbul olunmasını müvafiq maddələrdə qeyd edəcəyik. Girov əmanətinin olması heç bir halda o demək deyil ki, bank olmayan kredit təşkilatları girov olaraq yalnız pul şəklində vəsait cəlb edəcəklər.
İkinci məsələni hörmətli Vahid müəllim qeyd elədi. Bank olmayan kredit təşkilatlarının verəcəyi kredit məbləğlərinin məhdudlaşdırılması, limitləşdirilməsi gələcəkdə bank sistemi üçün ciddi təhlükələr yarada bilər. Mən bildirirəm ki, bu gün fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarının kredit portfeli 150 milyon manata qədərdir. Həmin 150 milyon manatın 70 faizini 10 min manat məbləğində olan kreditlər təşkil edir. Yəni bunun hər hansı bir çərçivəyə salınması rəqabət məsələsində müəyyən çətinliklər yarada bilər.
Hörmətli Əli müəllimin qeyd elədiyi kimi, mövcud resursların ölçüyə gətirilməsi və onun yerləşdirilməsi baxımından hər hansı bir məhdudiyyətin qoyulması məqsədəuyğun olmazdı. Bizim məqsədimiz ondan ibarətdir ki, aşkarda olmayan resurslar cəlb olunsun və bank olmayan kredit təşkilatları vasitəsilə daha geniş mikrokreditlərin verilməsi məsələsinə Mərkəzi Bank tərəfindən nəzarət edilsin. Qanun layihəsindən göründüyü kimi, iki növ bank olmayan kredit təşkilatından – girov əmanəti ilə işləyən və girov əmanəti ilə işləməyən bank olmayan kredit təşkilatlarından söhbət gedir. Girov əmanəti ilə işləyən kredit təşkilatları üçün xüsusi nəzarət formaları nəzərdə tutulub. Qeyd edim ki, bank sisteminə qarşı olan nəzarətdən daha yumşaq və çevik nəzarət formasıdır. Digər hallarda isə əsas nəzarət məsələləri bunların özünün nəzarət mexanizmi vasitəsilə tənzimlənəcək. Yalnız rübdə bir dəfə hesabatların alınması və həmin nəzarətin həyata keçirilməsi Mərkəzi Bank tərəfindən təmin olunacaq.
Çirkli pulların yuyulması məsələsi haqlı olaraq qaldırıldı. Mən qeyd edim ki, banklarda bank olmayan kredit təşkilatlarının hesabları açılacaq. Yəni bunlar hesablaşma-kassa xidməti göstərən bir qurum olmadıqları üçün özləri bankların müştərisi rolunda çıxış edəcəklər və onların hər bir əməliyyatına “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən nəzarət olunacaq. Yəni burada elə bir ciddi təhlükə görünmür.
Lisenziyaların verilməsi müddəti ilə əlaqədar burada hörmətli deputatlar fikir səsləndirdilər. Yəni onun müddətsiz verilməsi bu gün daha məqsədəuyğundur. Biz hesab edirik ki, hər hansı bir müddətin qoyulması bürokratiyaya gətirib çıxara bilər. Yerinə yetiriləcək əməliyyatlar barəsində hörmətli Əli müəllim danışdı. Məsələn, sığorta agenti funksiyasının yerinə yetirilməsinin mahiyyəti nədir? Bu, sığorta əməliyyatlarının aparılması demək deyil. Tutaq ki, hər hansı bir sığorta təşkilatının agent rolunda çıxış edib, müəyyən məbləğdə pul qazanmaq imkanı olacaq. Təbii ki, belə halda da müvafiq icra hakimiyyəti orqanından veriləcək lisenziya əsasında fəaliyyət göstərəcəklər. 15.1-ci maddənin də əsas mahiyyəti ondan irəli gəlir.
Faiz dərəcələri məsələsinə gəlincə, qanunda hər hansı bir formada veriləcək faizlərin məhdudlaşdırılmasının qoyulması məqsədəuyğun olmazdı. Bu, tələb və təklif əsasında müəyyənləşən bir formuladır. Bilirsiniz ki, beynəlxalq praktikada da bu belədir.
Mikromaliyyə institutlarının verdiyi kreditlər əməliyyat və inzibati baxımdan daha geniş xərclərlə müşayiət olunur və bu baxımdan həmin kreditlərin faiz dərəcələri digər bankların verdikləri faiz dərəcələrindən nisbətən yüksək olur. Lakin bu kreditlərin həcmi çox kiçik olduğundan burada həm risklər azalmış olur, həm də Əli müəllimin qeyd elədiyi kimi, verilmiş kreditlərin 99 faizinin qaytarılması təmin olunur.
Mən burada girov əmanəti məsələsinə aydınlıq gətirdiyi üçün hörmətli Musa müəllimin dediyi fikrə çox hörmətlə yanaşıram. Millət vəkilləri tərəfindən deyilən qeydləri ikinci oxunuş üçün çox qısa bir müddətdə hazırlayacağıq. Mərkəzi Bankın adından çox vacib bir qanun olduğu üçün növbədənkənar sessiya müddətində onun qəbul olunmasını hörmətli millət vəkillərindən xahiş edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəlikdə cəmi bir məsələmiz qalıb. İclası fasiləsiz keçirək. Növbəti məsələ Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsinin birinci oxunuşudur. Eldar İbrahimov buyursun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsini sizin müzakirənizə təqdim etmişdir. Təqdim edilən bu qanun layihəsi Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın müəyyən edilməsi, ödənilməsi və həmin sahədə digər məsələlərlə bağlı münasibətləri tənzimləyəcəkdir.
Hazırda mövcud olan qanunvericilikdə torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulsa da, dövlət ehtiyaclarının konkret nədən ibarət olması, kompensasiyanın verilməsi qaydası göstərilməmişdir. Bu da bir çox hallarda torpaq mülkiyyətçiləri ilə dövlət ehtiyacları üçün torpaq alan müvafiq icra hakimiyyəti orqanları, dövlət idarə və təşkilatları arasında müəyyən narazılıqlara və məhkəmə çəkişmələrinə səbəb olur.
Mən qanun layihəsində torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar yaranan münasibətlərə aydınlıq gətirən və bu münasibətləri tənzimləyən əsas maddələr haqqında qısaca məlumat vermək istərdim. Qanun layihəsi böyükdür, 10 fəsil, 83 maddədən ibarətdir. Layihənin I fəsli ümumi müddəalara həsr edilir. Burada əsas anlayışlar və digər məsələlər əksini tapmışdır. Qanun layihəsinin 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları konkret göstərilir. Bunlar yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və müdafiə əhəmiyyətli obyektlərin tikilməsidir.
Qanun layihəsində dövlət ehtiyacları üçün torpaqların həm xüsusi mülkiyyətdən, həm bələdiyyə mülkiyyətindən, həm də dövlət mülkiyyətindən alınması nəzərdə tutulur. Torpaqların dövlət ehtiyacları üçün alınması ilə hazırda müxtəlif dövlət təşkilatları məşğul olduğu halda indi layihənin 6-cı maddəsinə əsasən bu məsələ ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xüsusi orqan, yəni alan orqan məşğul olacaqdır. Bu, gələcəkdə yuxarıda göstərdiyimiz narazılıqların qarşısının alınmasında mühüm rol oynayacaqdır.
Layihədə diqqəti cəlb edən cəhətlərdən biri də torpaqların dövlət ehtiyacları üçün satın alınması prosesində mülkiyyətçi ilə bərabər həmin torpağın dövlətin xeyrinə satın alınması nəticəsində hər hansı qaydada mənafeyinə ziyan vurulan digər şəxslərin hüquqlarının müdafiəsi məsələsidir. Torpaqların dövlət ehtiyacları üçün satın alınması prosesində qanunvericiliyə riayət olunmasına nəzarətin təşkili də layihədə nəzərdə tutulub. Bu nəzarət 8-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Qanun layihəsinin II fəsli torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat məsələlərinə həsr olunmuşdur. Burada dövlət ehtiyaclarının müəyyən edilməsi, torpağın alınması barədə aktın qəbul edilməsinə hazırlıq, alan orqanın toplayacağı məlumatlar, alınmanın təsirinə məruz qalan şəxslərin və torpağın siyahıya alınması, torpağın alınması haqqında elanın verilməsi və alınması, nəzərdə tutulan torpağın yerləşdiyi inzibati ərazi vahidində alınmanın təsirinə məruz qalan şəxslərlə ictimai iclasların keçirilməsi və son nəticədə torpağın alınması barədə təklifin hazırlanıb müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi, həmçinin bu barədə aktın qəbul edilməsi məsələlərinə geniş yer ayrılmışdır.
II fəslin 19.3-cü maddəsində göstərilir ki, torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirmə komissiyası yaradılır.
III fəsil alınma ilə bağlı səlahiyyətlərə və prosedurlara həsr olunmuşdur. Burada torpağın alınması haqqında sərəncam qəbul olunduqdan sonra alan orqanın müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə torpağın alınması qruplarının təşkili, alınan torpağın qiymətləndirilməsi, alınmanın təsirinə məruz qalan şəxslərin müəyyən edilməsi və digər məsələlərlə bağlı gördüyü tədbirlər əks olunmuşdur.
Mövcud qanunvericiliyə uyğun olaraq, torpağın alınması könüllü və məcburi qaydada həyata keçirilir. Qanun layihəsinin IV fəslində könüllü alğı-satqının həyata keçirilməsi ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi əks olunmuşdur.
Qanun layihəsinin VI, VII və VIII fəsillərində satın alınan torpağın başqasının sahibliyinə verilməsi ilə əlaqədar torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçiyə, eyni zamanda, mənafeyinə toxunan digər şəxslərə kompensasiyanın verilməsi və bununla əlaqədar yaranan münasibətlərin tənzimlənməsi əks olunmuşdur. Layihədə göstərilir ki, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqların alınmasının əvəzində ədalətli kompensasiya ödənilir. Bunun üçün layihənin 55-ci maddəsində kompensasiya ilə bağlı torpağın qiymətləndirilməsi üsulu, 56-cı maddədə kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər, 58 və 59-cu maddələrdə torpaqların bazar və bərpa qiyməti, 60 və 63-cü maddələrdə yanaşı torpaqlara dəymiş zərərlə bağlı kompensasiya, narahatçılıq üçün kompensasiya, 66-cı maddədə çətinliklərə görə kompensasiya nəzərdə tutulmuşdur.
Layihənin 58-ci maddəsində bazar qiymətinin müəyyən edilməsinin konkret üsulu göstərilmişdir. Torpağın bazar qiyməti son 3 ay ərzində həmin ərazidə faktiki satılmış torpağın üç ən yüksək qiymət göstəricisinin orta qiyməti əsasında müəyyən olunur. Bu da dövlət ehtiyacları üçün alınan torpaqların bazar qiymətinin qanunauyğun qiymətləndirilməsinə və subyektiv fikirlərin yer almamasına əsas verəcəkdir.
Kompensasiyanın ödənilməsi ilə əlaqədar layihənin 74-cü maddəsində göstərilir ki, kompensasiyanın ödənməsində hər hansı yubanma ilə hüquqları pozulan şəxs kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədilə məhkəməyə müraciət edə bilər.
Hörmətli deputat həmkarlarım, mən çıxışımda təqdim olunan qanun layihəsində bu gün cəmiyyəti narahat edən məsələlərin hüquqi bazaya əsaslanaraq tənzimlənməsini əks etdirən əsas müddəaları nəzərinizə çatdırdım. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi mövcud qanunvericilikdə olan boşluqları aradan qaldıracaq, torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin qanunvericiliyin tələbləri əsasında tənzimlənməsini təmin edəcək, əhalinin mülkiyyət hüququnun daha dolğun müdafiə olunmasına xidmət edəcəkdir. Göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir və qəbul edilməsi məqsədəuyğundur.
Layihə komitədə müzakirə olunanda çoxlu irad və təkliflər söylənilmişdir. Ancaq Konstitusiyaya görə Prezidentdən daxil olan qanun layihəsi birinci oxunuşa olduğu kimi təqdim edilməlidir. Gördüyünüz kimi, qanun layihəsi çox mürəkkəb dildə yazılmışdır, çoxlu sayda anlaşılmaz cümlələr, bitməmiş fikirlər, nöqsanlar mövcuddur. Qanun layihəsi barədə sizin təklif və iradlarınız da nəzərə alınmaqla, layihənin təkmilləşdirilməsinə, dil və üslub baxımından redaksiya edilməsinə ehtiyac var. Bütün bunlar Prezident Administrasiyası ilə razılaşdırılaraq ikinci oxunuşda qəbul ediləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Birinci oxunuşdur, çıxışları 5 dəqiqə eləyək. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən qanun layihəsinin birinci oxunuşda müzakirəsi olduğunu nəzərə alaraq, konseptual saydığım məsələlərə diqqəti cəlb etmək istəyirəm. Hesab edirəm ki, ciddi, konstitusion əhəmiyyətli normalara toxunduğuna görə layihədəki terminlərin və anlayışların Konstitusiyada ifadə olunmuş şəkildə işlədilməsinə ehtiyac var. Konstitusiyanın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsi” anlayışı var. Diqqət edirsinizsə, burada “dövlət ehtiyacları üçün alınma” yox, “özgəninkiləşdirilmə” ifadəsi işlənir. Bu, beynəlxalq terminologiyaya da uyğundur. Nəzərə alsaq ki, çox həssas bir məsələni, mülkiyyət məsələsini əhatə edir, məhkəmə məsələlərini də ehtiva edir, bu həm də beynəlxalq məhkəmələrin predmetidir. Bu baxımdan hesab edirəm ki, qanunun hazırlanması ilə məşğul olan şəxslər buradakı bu ifadənin “dövlət ehtiyacları üçün alınması” ifadəsini Konstitusiyanın 29-cu maddəsindəki anlayışlara və terminlərə uyğunlaşdırsınlar və bunu mütləq nəzərə alsınlar.
Eyni zamanda, Konstitusiyada təsbit olunmuş “mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər” müddəası, mənə elə gəlir ki, layihədə daha aydın və açıq şəkildə əksini tapmalıdır. Prinsip etibarilə, layihə Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş mükəmməl variantlardan biridir. Bir çox məsələlərin təfərrüatlı və anlamlı şəkildə tənzimlənməsinə cəhd göstərilib.
Burada hörmətli Eldar müəllim də çıxışında dedi ki, müzakirələrdə bir çox təkliflər olub. Mən də həmin müzakirədə iştirak eləmişəm. Mən hesab edirəm ki, həmin təkliflərin bəziləri heç də bu qanunun yaxşılaşdırılmasına, xüsusən vətəndaşların, mülkiyyətçilərin, o cümlədən hüquqi və fiziki şəxslərin hüquqlarının möhkəmləndirilməsinə yox, pozulmasına yönəldilə bilər. Mən çox ehtiyat edirəm. Sözün doğrusu, həmin təkliflər çox təsirli təşkilatların nümayəndələri tərəfindən verilib. Məsələn, Dövlət Neft Şirkətinin nümayəndəsi çıxış edərək belə bir təklif vermişdi ki, beynəlxalq müqavilələrdə əks olunan sahələr də dövlət ehtiyacları anlayışına daxil edilsin. İlk baxışdan bir qədər məntiqli görünür. Həqiqətən, kontrakt layihələri Milli Məclisdə qəbul olunduqdan sonra qanuni xarakter alır və özgəninkiləşdirilə bilər.
Bir daha təkrar edirəm, bir halda ki bunlar xüsusi qanunlar şəklində qəbul olunur, həmin normanın bu qanuna gətirilməsinə ehtiyac yoxdur. Çünki sonradan həmin qanunun doğru-düzgün təsdiq olunmaması hallarına, hüquq pozuntusu hallarına gətirib çıxara bilər. Elə hallar olursa, onsuz da onlar qanun xarakteri alır və Milli Məclis tərəfindən qəbul edildikdən sonra xüsusi qanunlar həmişə ümumi qanun normalarından üstün sayılır. Heç bir halda mən həmin müddəanın bu qanuna daxil edilməsinin tərəfdarı deyiləm.
Bundan əlavə, torpaq, sadəcə, mülkiyyət deyil, həm də təbii sərvətdir. Məndə olan məlumata görə bizim Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində bu məsələ müzakirə olunmayıb. Hesab edirəm, bunun ciddi müzakirəyə ehtiyacı var. Bu, yalnız iqtisadiyyat məsələsi, iqtisadi münasibətlər məsələsi yox, həm də ciddi təbii ehtiyatlar məsələsidir. Ümumiyyətlə, Valeh müəllimin rəhbərlik elədiyi komitədə bu məsələ mütəxəssislərlə birlikdə ikinci, üçüncü oxunuşda ciddi şəkildə müzakirə olunmalıdır. Təkrar edirəm, bunun üzərində iş davam etdiriləcək.
Hesab edirəm ki, bu, Milli Məclisin indiki sessiyasında müzakirə edilən ən mühüm məsələlərdən biridir və konseptual baxımdan qəbul etdikdən sonra deputatların, hər bir seçicimizin, hər bir vətəndaşın hüquqları burada əhatə oluna bilər. Onların marağı ilə, mənafeyi ilə bağlı olan məsələ diqqət mərkəzində qalmalıdır və bu məsələlərə yenidən baxılmalıdır. Təkrar-təkrar təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Son dövrlərdə, xüsusilə son beş il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da yüksək inkişaf dövrünü yaşayır. Cənab Prezidentin tapşırığına əsasən iri infrastruktur kompleksləri əsaslı şəkildə yenidən qurulur, demək olar ki, təzədən tikilir.
Məlum olduğu kimi, ölkədə beynəlxalq neft və qaz kəmərləri çəkilir, tarixi İpək yolu yenidən qurulur. Bu məqsədlə yolların keçdiyi sahələr genişlənir, yeni torpaq sahələri nəqliyyat sektorunun sərəncamına keçir. Bakının digər iri infrastruktur sahələri əsaslı şəkildə dəyişdirilir, şəhərdaxili yollar genişləndirilir, körpülər, tunellər, yol ötürücüləri, yeraltı və yerüstü keçidlər salınır, su xətləri, kanalizasiya kollektorları, qaz-elektrik şəbəkələri genişləndirilir. Paytaxtın mərkəzindəki sənaye müəssisələri, o cümlədən Gəmi Təmiri Zavodu, Dəniz limanı, neftayırma müəssisələri şəhərdən kənara köçürülür. Yaxın on il ərzində Bakı Metropoliteninin iki dəfədən çox genişləndirilməsi nəzərdə tutulur. Dənizkənarı Milli Park tam yenidən qurulacaq və sahəsi artırılacaq. Məlum olduğu kimi, yeni parklar, istirahət zonaları, yaşıllıqlar salınır, turizm obyektləri, otellər, biznes mərkəzləri tikilir. Bütün bunlar torpaqla və digər daşınmaz əmlakla bağlı qanunvericiliyə yeni yanaşma tələb edir.
Cənab Prezidentin qanunvericilik təşəbbüsü hüququ qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsi bu zərurətdən irəli gəlmişdir. Qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir və qəbul oluna bilər. Sənəd hüquqi tənzimlənmə və təkmilləşmə tələb edən məsələləri tam əhatə edir. Layihədə dövlətin ehtiyacları üçün torpaq sahəsinin alınmasının bütün prosedurları ardıcıllıqla verilir.
Qanun layihəsinin 3-cü maddəsində “dövlət ehtiyacları” məfhumu aydın şəkildə göstərilib. Torpağın dövlət ehtiyacları üçün yalnız bu qanunda nəzərdə tutulmuş hallarda alına biləcəyi birmənalı şəkildə öz əksini tapıb. Sənəd həyata keçiriləcək proseslə bağlı dövlətin səlahiyyətlərini, alınmanın icrasını reallaşdıran müvafiq dövlət orqanının vəzifə və funksiyalarını, alınmanın təsirinə məruz qalan şəxslərin dairəsini, alınma prosedurları zamanı qanunun tələblərinə riayət olunmasının mexanizmini müəyyən edir.
Qanun layihəsində torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı sənədləşmənin aparılması, qərarların qəbul olunması ardıcıllıqla verilir. Bu zaman torpaqların və digər daşınmaz əmlakın ədalətli qiymətləndirilməsi və kompensasiya məsələləri diqqət mərkəzində saxlanılır. Qanunvericilik aktında diqqət yetirilən məsələlərdən biri də zərər çəkmiş şəxslərin torpaq alan orqanın müvafiq qərarlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən hüquqlarının pozulması barədə qanunla müəyyən olunmuş qaydada yuxarı orqana və məhkəməyə müraciət edə bilməsidir.
Qanun layihəsində torpaqların dövlət ehtiyacları üçün alınması zamanı bütün prosedurların və aparılan əməliyyatların şəffaflığı, habelə mülkiyyət hüquqlarının gözlənilməsi diqqət mərkəzində saxlanılmışdır. Fikrimcə, sənəd ikinci oxunuşa hazırlananda onun müvafiq müddəalarının mülki və torpaq qanunvericilikləri ilə uzlaşdırılması məsələlərinə diqqət yetirilməlidir.
Hörmətli cənab Sədr, Sizdən və həmkarım Eldar müəllimdən xahiş edirəm ki, həqiqətən, qanun layihəsinin müzakirəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin də səlahiyyətləri çərçivəsində olduğu üçün ikinci oxunuşa hazırlananda layihə birgə komitələrin iclasında müzakirə olunmalıdır. Çıxışımın sonunda qanun layihəsinin birinci oxunuşda qəbul olunmasını təklif edir və hörmətli həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çox vacib və mühüm bir qanun layihəsini Konstitusiya qanunları ilə bir səviyyədə tutmaq olar. Çünki bu qanunda vətəndaşın mülkiyyət hüquqlarının tənzimlənməsindən bəhs olunur. Bilirsiniz ki, mülkiyyətçinin hüquqlarının qorunması məsələsi günümüzün ən aktual problemlərindən biridir. Ölkədə, xüsusən də paytaxtımızda böyük tikinti işləri aparılır, yol keçidlərinin, körpülərin, dövlət əhəmiyyətli binaların tikintisi ilə bağlı zaman-zaman mülkiyyət sahibləri ilə müvafiq dövlət qurumları arasında narahatlıqlar yaranır və çox vaxt bu prosesdə mülkiyyətçilər haqlı tərəf olur. Həyata keçirilən xeyli sayda proseslər var ki, hələ də mülkiyyətçilərin tələbi təmin olunmayıb. Xatırlayırsınızsa, ombudsmanın hesabatında da qeyd olunurdu ki, Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilişi ilə bağlı torpaqları alınan vətəndaşlara hələ də kompensasiya ödənilməyib. Bu baxımdan qanunun vətəndaşların həyatında oynayacağı rol xüsusi vurğulanmalıdır.
Qanun layihəsi yaxşı işlənib və bir çox vacib məsələləri əhatə edir. Layihədə bələdiyyələrə və əhaliyə məxsus torpaqların alınması, onların sərhədlərinin müəyyənləşdirilməsi, mülkiyyətçilərlə danışıqların aparılması, torpaqların qiymətlərinin müəyyənləşdirilməsi və razılaşdırılması, mülkiyyət hüquqlarının tənzimlənməsi nəzərdə tutulur.
Bugünkü müzakirələrdə biz qanun layihəsinə konseptual yanaşırıq, amma vacib bildiyim bir sıra məqamları qeyd etmək istəyirəm. 3-cü maddədə torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanır. Buraya yolların və digər kommunikasiya sistemlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi aid edilir. Məncə, qanunda bütün mümkün kommunikasiya xətləri sadalanmalıdır. Məsələn, kanallar, su kəmərləri, elektrik xətləri, kabellərin çəkilişi dövlət ehtiyaclarına aid edilir, yoxsa yox? Bu, aydın şəkildə göstərilməlidir. Hesab edirəm ki, bu məsələni müvafiq icra orqanlarının ixtiyarına buraxmaq olmaz. 3.1.3-cü maddədə “müdafiə əhəmiyyətli obyektlərin tikilməsi” ifadəsinin “təhlükəsizlik və müdafiə əhəmiyyətli obyektlərin tikilməsi” ilə əvəzlənməsini təklif edərdim.
Eyni zamanda, qanun layihəsinə dövlət idarəetmə əhəmiyyətli obyektlərin tikilməsi ilə bağlı maddənin də əlavə olunmasını təklif edirəm. Çünki günün birində hökumət üçün binaların tikilməsi zərurəti ortaya çıxa bilər. Elə indinin özündə paytaxtın köçürülməsi ilə bağlı təkliflər səslənir. Sabah bunu reallaşdırmaq istəsək, bu necə həyata keçiriləcək? Hansı torpaqlardan istifadə olunacaq? Məncə, dövlət idarəetmə binalarının tikintisi məsələsi də qanunda mütləq göstərilməlidir.
4-cü maddədə torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətlərində göstərilir ki, razılaşma olmasa, məcburi qaydada torpaqlar mülkiyyətçidən alına bilər. Məcburi qayda dedikdə nələr nəzərdə tutulur? Bu maddə də açılmalıdır. Aydındır ki, söhbət yalnız məhkəmə qərarlarından gedə bilər. Bu, sonrakı maddələrdə qeyd olunub, amma bu maddədə də mütləq göstərilməlidir.
13-cü maddə “Alınmanın təsirinə məruz qalan şəxslərə rəsmi elanın çatdırılması” adlanır. Bu maddədə rəsmi elanın göndərilməsi müddəti göstərilməyib. Məncə, burada da dəqiqləşdirmə olmalıdır. Çünki sonrakı maddələrdə bir-biri ilə ziddiyyət təşkil edən məqamlar var. 31-ci və 77-ci maddələrdə 21 gün qeyd olunur. Bu, mülkiyyətçi üçün az müddətdir. Düşünüb qərar qəbul etmək üçün az vaxtdır. Bu qanunda torpaq alanın hüquqları qorunmur. 21 gün ərzində zəruri məlumatları toplayıb qərar qəbul etmək mümkün deyil. Kəndlərdə bəlkə də mümkün olar, amma şəhər mühitində inandırıcı görünmür. 23-cü maddədə 19-cu maddəyə uyğun olaraq, yaradılmış qiymətləndirmə komissiyası tərəfindən alınan torpağın qiymətləndirilməsi nəzərdə tutulur. Məncə, qiymətləndirmə maraqlı olan qrup tərəfindən yox, müstəqillərdən təşkil olunmuş qrup tərəfindən aparılmalıdır. Bu halda eyni ərazidəki torpaqlara fərqli qiymətlər qoyula bilər.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, müzakirəyə təqdim olunan qanun layihəsi çox vacib bir məsələyə həsr olunubdur. Bu layihə Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş və dövlət münasibətlərinin daha da sivil müstəvidə inkişaf etdirilməsi istiqamətində irəliyə atılmış mühüm bir addımdır. Eyni zamanda, bu sahədə münasibətlərin tənzimlənməsində çox əhəmiyyətli hüquqi sənəddir.
Layihə konseptual cəhətdən bitkindir, birinci oxunuşun tələblərinə cavab verir və birinci oxunuşda onun qəbul olunmasına səs verəcəyəm. Eyni zamanda, layihə ilə bağlı bəzi təkliflərim və aydınlaşdırılmasına ehtiyacı olan məqamlar var ki, onları da hörmətli Məclis üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.
Fikrimcə, layihədəki “dövlət ehtiyacları” maddəsi bir qədər də genişləndirilməlidir. Buraya böyük su anbarlarının, SES-lərin tikilməsi, neft-qaz yataqları, digər faydalı qazıntılar aşkar ediləcəyi və çıxarılacağı halları da əlavə etmək məqsədəuyğun olardı. Çünki belə hallarda da böyük ərazilərin dövlət ehtiyacları üçün alınması zərurəti yarana bilər. Bu zaman alınmaya məruz qalan torpağın mülkiyyətçisi ilə alan orqan arasındakı münasibətlərin tənzimlənməsi üçün hüquqi bazanın olması zəruridir.
Başqa bir təklifim torpaqların alınması müddəası ilə bağlıdır. Layihədə torpaqların alınmasının bir neçə forması, yəni satın alınma, kompensasiya ödəmə, əvəzləşdirmə, başqa yerə köçürmə yolları ilə dövlətinkiləşdirilməsi müəyyən edilmişdir. Fikrimcə, bu formaların içərisində satınalmaya birmənalı üstünlük verilməlidir və digər formalardan yalnız xüsusi hallarda istifadə olunması göstərilməlidir. Çünki mülkiyyətin satın alınma yolu ilə özgəninkiləşdirilməsi daha demokratik formadır və bazar iqtisadiyyatı prinsiplərinə daha uyğundur. Məhz torpaqların satın alınma yolu ilə dövlət ehtiyaclarına verilməsi vətəndaşın gələcəkdə həyat və fəaliyyətini istədiyi şəkildə müəyyən etməsinə imkan yaradır.
Layihədə öz əksini dəqiq tapmalı olan bir prinsipial məsələ də sənədsiz tikililər, başqa sözlə, mülkiyyət hüququ tanınmayan tikililərlə bağlıdır. Alınmaya məruz qalan sənədsiz tikililərin alınması, yaxud onlara görə kompensasiya verilməsi məsələləri layihədə ya ayrıca müddəa kimi verilməli, ya da belə tikililər xüsusi mülkiyyətdə olan torpaqlara bərabər tutulmalıdır.
Yeri gəlmişkən, sənədsiz tikilmiş yaşayış evləri və digər tikililərlə bağlı bir təklifimi də səsləndirmək istəyirəm. Demək olar ki, respublikamızın bütün şəhər və rayonlarında on minlərlə sənədsiz, yəni reyestr qeydiyyatına alınmamış yaşayış evləri var ki, həmin evlərdə 50-60 ildir, insanlar yaşayırlar. Belə evlərdə yaşayan insanların sayı yüz minlərlədir. Bəzən həmin evlərə qanunsuz tikililər deyirlər. Lakin bu doğru deyildir. Ən azı ona görə ki, bu evlər həyatın diqtəsi və reallıqların qanunları ilə tikilmişdir. Hörmətli cənab Sədr, təklif edirəm ki, Milli Məclisin payız sessiyasının iş planına strateji xətlərin və təhlükəli obyektlərin yaxınlığında yerləşən tikililər istisna olmaqla, bütün sənədsiz yaşayış evlərinə amnistiya verən və onların hamısının sənədləşməsinə, dövlət reyestrinin alınmasına imkan verən qanunun qəbul edilməsi məsələsi daxil edilsin.
Müzakirə etdiyimiz qanun layihəsinə alınma və köçürülmə ilə bağlı müddəaların qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bina və torpaqlara şamil olunması zamanı yaranan münasibətlərə də aydınlıq gətirilməlidir. Belə ki, satınalma ödənclərinin və kompensasiyanın bina və torpağın mülkiyyətçisinə, yaxud orada müvəqqəti məskunlaşan şəxslərə ödənilməsi, yaxud ödənişin hər iki şəxsə şamil olunması məsələsi dəqiqləşdirilməlidir.
Qanun layihəsinin “Köçürülmənin təşkili” adlanan V fəslində köçürülmənin yalnız könüllülük prinsipi əsasında həyata keçirilməsinə üstünlük verilməli, köçürülən şəxsə yeni məskunlaşma yeri ilə bağlı daha çox seçim imkanları yaradılmalıdır. Sonuncu təklifim 51-ci maddədə əks olunmuş yubadılma müddəası ilə bağlıdır. Fikrimcə, vətəndaşın maraqları dövlətin maraqları ilə bərabər, hətta bəzi hallarda ondan üstün tutulmalıdır. Torpağın alınıb satılacağı barədə alan orqanın qərarı 1 il deyil, 6 ay müddətində qətiləşməlidir ki, vətəndaş özünün gələcək həyat və fəaliyyət planlarını daha erkən müəyyənləşdirə bilsin. Qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim etdiyimiz Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi cəmiyyəti narahat edən bir çox məsələlərə həsr edilmişdir. Belə ki, hazırda mövcud olan mülki qanunvericilikdə birmənalı olaraq göstərilir ki, mülkiyyət formasından asılı olmayaraq, bütün torpaqlar dövlət ehtiyacları üçün geri alına bilər. Bu halda mülkiyyətçiyə torpağın haqqı bazar qiymətinə uyğun ödənilməli və ya torpağın keyfiyyətinə, ölçüsünə uyğun olaraq, başqa yerdə torpaq verilməlidir.
Qüvvədə olan qanunvericilik aktlarında torpaqların dövlət ehtiyacları üçün alınması prosesində onun bazar qiymətlərinin müəyyən edilməsi, bu məsələ ilə əlaqədar mənafeyinə toxunulan şəxslərin dairəsinin müəyyən edilməsi, habelə onlara ödəniləcək kompensasiyanın hesablanması, verilməsi qaydası və digər məsələlərin tənzimlənməsi mexanizmi öz əksini tapmamışdır. Bunun nəticəsidir ki, dövlət ehtiyacları üçün alınan torpağa görə mülkiyyətçiyə ödəniləcək pulun hesablanmasında və ödənilməsində nöqsanlara və çatışmazlıqlara, bir çox hallarda isə süründürməçiliyə və qanun pozuntularına yol verilir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur.
Qanun layihəsində göstərilən məsələlərə dair konkret maddələr var ki, həmin məsələləri hüquqi bazaya əsaslanmaqla həll etməyə imkan verəcək. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınmasında ən vacib və ən çox narahatçılıq yaradan məsələ torpağın bazar qiymətinin müəyyən edilməsidir. Layihənin 58-ci maddəsində torpağın bazar qiyməti müəyyən edilmişdir. 58.2-ci maddədə göstərilir ki, torpağın bazar qiyməti torpağın siyahıyaalma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notarial qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymət göstəricisinin orta qiyməti əsasında formalaşdırılır.
Layihədə qeyd olunur ki, alınan torpaqların yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı yerləşdiyi ərazidə real bazar qiymətinin hesablanması mümkün olmadıqda, habelə torpağın digər torpaqla əvəz ediləcəyi hallarda qanunun 59-cu maddəsinə uyğun olaraq, hesablanan bərpa qiyməti əsas götürülür və alınan torpaqlar üçün ədalətli kompensasiya ödənilməsi təmin edilir. Bu məsələdə bütün mümkün variantlar nəzərə alınmışdır. Ümid edirik ki, layihənin qəbul edilməsi bu məsələdə lazımi qayda-qanun yaradılmasına imkan verəcəkdir.
Layihədə dövlət ehtiyacları üçün torpaqların alınması ilə əlaqədar mənafeyinə toxunulan hər bir şəxsin müəyyən edilməsi, onlara dəyən ziyanın hesablanması qaydaları və digər məsələlərə dair konkret maddələr vardır. Torpağın alınması ilə əlaqədar öz torpağından başqa yerə köçürülmüş və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və faydalılığının azalmasına məruz qalan şəxslər zərər və narahatçılıqlara görə itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Bütün bu amillər nəzərə alınmışdır.
Hamıya məlumdur ki, bir çox hallarda hansısa şirkətin marağına uyğun olaraq vətəndaşlar yaşadığı evlərdən çıxarılır və onlara kompensasiya ödənilməsində müəyyən süründürməçiliyə yol verilir. Layihədə bu məsələ özünün tam həllini tapmış və vətəndaşların köçürülməsi və ya kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
Layihədə ən vacib və ən əhəmiyyətli məsələlərdən biri də dövlət ehtiyacları üçün torpaqların kim tərəfindən alınmasıdır. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq alınan torpaqlar hansı dövlət orqanının istifadəsinə verilirsə, torpağın alınması ilə də həmin orqan məşğul olur. Bu orqanın isə məsələyə yanaşma tərzi müxtəlif olur. İstər torpaqların bazar qiymətlərinin müəyyən edilməsi, istərsə də alınması ilə əlaqədar zərər çəkən şəxsə ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsində fərqli nəticələr müşahidə olunur. Bəzən eyni ərazidə, eyni vaxtda müxtəlif kommunikasiya xətlərinin tikintisi üçün satın alınan torpaqların qiymətləri fərqli olur. Bəzən zərərçəkənlərin hamısı nəzərə alınmır.
Sədrlik edən. Sağ olun. Bu birinci oxunuşdur. Xahiş edirəm, ikinci oxunuşa keçməyək, konseptual cəhətdən qiymət verək. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Bu gün Azərbaycan Respublikasının qanunvericiliyi üçün çox mühüm bir layihə müzakirəyə təqdim olunub. Çünki son dövrdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində, habelə respublikada infrastrukturun yenilənməsi şəraitində torpaqların dövlət ehtiyacları üçün alınması faktlarına daha çox rast gəlinir.
Bu prosesin hüquqi əsası Konstitusiyanın 29-cu maddəsində təsbit olunub. Düzdür, keçən il bu məsələ ilə bağlı Mülki Məcəlləyə də bəzi müddəalar əlavə etdik. Lakin bu, tənzimləmə mexanizmi yaratmırdı və məsələnin tənzimlənməsi üçün ayrıca bir qanunun olmasına böyük ehtiyac duyulurdu. Bu baxımdan mən belə bir layihənin müzakirəyə çıxarılmasını alqışlayıram.
Mən bəzi məqamların üzərində dayanmaq istəyirəm. Birincisi qanunun adı ilə bağlıdır. Düşünürdüm ki, onun adı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” deyil, “Mülkiyyətin dövlət ehtiyacları üçün alınması haqqında” olsa, daha yaxşı olardı. Çünki Konstitusiyanın özündə də söhbət torpaqdan deyil, mülkiyyətdən gedir. Torpaq özü də mülkiyyətin bir formasıdır. Digər tərəfdən bu gün iqtisadiyyatın hazırkı inkişaf şəraitində torpaqların dövlət ehtiyacları üçün alınması faktlarına daha çox rast gəlinir. Amma müəyyən bir müddətdə tikililərin, digər binaların və qurğuların da dövlət ehtiyacları üçün alınması məsələsi meydana çıxa bilər. Onda yeni bir qanunun qəbul olunmasına ehtiyac olmaması üçün həmin məsələlər də burada tənzimlənməlidir. Düzdür, bu layihədə bəzi tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı müddəalar var. Amma bunu daha geniş işləməklə torpağın deyil, mülkiyyətin dövlət ehtiyacları üçün alınması məsələsi kimi göstərilməsi daha düzgün olardı.
Bundan başqa, mən hörmətli Eldar müəllimin diqqətini bəzi məqamlara cəlb etmək istəyirəm. Bəzən burada elə ifadələr işlədilir ki, ümumiyyətlə, onların qanun layihəsində anlayışı yoxdur. Bu olsa, daha yaxşı olar. Çünki bu yeni bir qanundur. Məsələn, “köçürülmə hüququ olan alınma”, “köçürülmə hüququ olan”, “alınma təsirinə məruz qalan şəxs”, “köçürülmə” kimi anlayışların verilməsi daha yaxşı olardı.
Qanun layihəsinin 30.4-cü maddəsinə nəzəri cəlb etmək istəyirəm. Çünki bu maddədə cümlə bitməyib. Bunu yeni redaksiyada vermək, cümləni bitirmək lazımdır. Bundan başqa, ümumiyyətlə, prosedur məsələlərinin özünün Konstitusiyanın 29-cu maddəsinə uyğunlaşdırılması daha düzgün olardı. Çünki orada mülkiyyətin özgəninkiləşdirilməsinə o zaman yol verilir ki, onun dəyəri ədalətli şəkildə qabaqcadan ödənilsin. Lakin biz fikir versək, məhkəmə qərarlarının çıxarılması ilə bağlı müddəalarda məhkəmə qərarında mülkiyyətin alan orqana keçməsi ilə yanaşı, həmin kompensasiyanın verilməsi, onun dəyərinin göstərilməsi məsələsi də paralel olaraq gedir. Amma Konstitusiyada paralellikdən yox, dəyərin qabaqcadan ödənilməsindən söhbət gedir. Ödənilmiş dəyərə dair sənədin məhkəmə qətnaməsinə qədər sənədlərin içərisində olması daha düzgün olardı və bu, Konstitusiyaya uyğundur.
Bununla yanaşı, Konstitusiyanın 29-cu maddəsində mülkiyyətin dəyərinin ödənilməsindən söhbət gedir, kompensasiyadan söhbət getmir. Ona görə də alınmanın təsirinə məruz qalan şəxslərə, yəni mülkiyyətçilərə seçim imkanı verilməlidir. Əgər o, əmlakının dəyərini istəmirsə, kompensasiya istəyirsə, ekvivalent torpaq sahəsi istəyirsə, ona seçmək imkanı verilməlidir.
Konseptual baxımdan mən ayrı-ayrı maddələr üzərində dayanmaq istəmirəm. Ümumiyyətlə, hörmətli həmkarlarımdan da xahiş edirəm ki, Azərbaycan qanunvericiliyi üçün, hazırda Azərbaycan iqtisadiyyatının sürətli inkişafına hüquqi zəmin yarada biləcək qanun layihəsi olduğu üçün onun qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hesab edirəm ki, həddən artıq zəruri bir qanun layihəsini müzakirə edirik. Bu, Azərbaycanda daşınmaz əmlakın alğı-satqısı ilə bağlı mövcud problemlərin aradan qaldırılmasında çox mühüm hüquqi baza rolunu oynaya bilər. Qeyd eləmək istəyirəm ki, bu istiqamətdə müəyyən işlər görülüb. Bu il aprel ayının 4-də artıq Nazirlər Kabineti dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətlərinin hesablanmasına dair xüsusi qərar qəbul edib. Təbii ki, qanun layihəsində məsələlər kifayət qədər normal şəkildə qoyulub.
Oqtay müəllim, burada qaldırılmayan bir məsələni qeyd eləmək istərdim. Qanun layihəsi 10 fəsil, 83 maddədən ibarətdir və kifayət qədər ağırlaşdırılıb. Bu qanunun məğzini, mahiyyətini bir vərəqə yerləşdirmək, qalan məsələləri isə normativ aktlar kimi, onun davamı kimi vermək olar. O zaman çox yaxşı bir qanun əmələ gələr.
İkinci məsələ isə çox ciddi məsələdir. İkinci oxunuş üçün zəruri olan məqamları yazılı surətdə komitəyə vermək olar. Əgər mümkün olsa, ikinci oxunuşa çıxmazdan əvvəl İqtisadi siyasət komitəsinin də bu prosesə qoşulmasını məqsədəuyğun hesab edirəm. Çünki burada konseptual cəhətdən bir sıra məqamlar var. Söhbət kompensasiyaların vaxtında və bazar qiymətləri çərçivəsində ödənilməsindən gedir. Qanunda bir neçə dəfə bu məsələyə vicdanlı yanaşmadan danışılır. Əgər söhbət satıcının bir qədər də baha satmasından, alıcının isə ucuz almasından gedirsə, burada vicdan, iman və sair məsələlər arxa plana çəkilir. Burada obyektiv məsələ bazar qiymətləridir və vaxtında ödənilmədir. Əgər həmin mexanizm qurulubsa, qanun normal işləyəcək.
Hesab edirəm ki, qanun layihəsi birinci oxunuşa hazırdır və birinci oxunuşda qəbul eləmək olar. Əlavə təklifləri isə yazılı surətdə komitəyə verməklə ikinci oxunuşa daha sanballı çıxmaq olar və bu təklifin qəbul edilməsini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Nazirlər Kabinetinin qərarı əlimdədir. Orada da “bazar qiymətlərinə uyğun olaraq” yazılıb. Təkid edən yoxdur ki? Xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, sənin adın yox idi, indi deyirsən. Onda Xanhüseyn müəllim də söz istəyir. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Oqtay müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Mən çox vaxt almayacağam. Bilirəm, Məclis yorulub, amma qanun layihəsində çox prinsipial hesab elədiyim bir məsələ var. Hörmətli Rafael müəllim də burada qeyd elədi. Bizim Konstitusiyamızda birbaşa göstəriş var ki, torpağın qiyməti əvvəlcədən ödənilməlidir. Yalnız bundan sonra bağlanmış müqavilə işləyir, hüquqi qüvvəyə minir. Bax, layihədə bu məsələ yoxdur. Mən bilirəm ki, bizim bəzi məmurlar oğurladıqca bir az da acgözləşirlər. Belə olduqda bu qanun layihəsi korrupsiyaya çox geniş imkanlar yaradır. Bu da onunla bağlıdır ki, torpağın qiymətləndirilməsi ilə əlaqədar layihədə ümumi müddəalar yoxdur. Ümumiyyətlə, torpağın qiymətləndirilməsi ilə, alğı-satqı müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar müəyyənləşməyib.
Məhkəməyə müraciətlə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Mən əvvəllər də söyləmişdim ki, vətəndaşın torpağını əlindən alırlar, sonra deyirlər, narazısansa, məhkəməyə ver. Belə şey ola bilməz. Əgər vətəndaş razılaşmırsa, torpağı alan orqan məhkəməyə müraciət eləməlidir. Bu məsələni biz layihəyə salmalıyıq. Bu qanunların hamısı bizim vətəndaşlarımız üçündür. Bu baxımdan çox istərdim ki, ikinci oxunuşa qədər dediyim məsələlər araşdırılsın və biz ikinci oxunuşda onları müzakirə edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, birinci oxunuş üçün münasibət bildirək. Eldar müəllim, sözünüz var idi? Səsə qoyaq, sonra deyərsiniz. Əli müəllim də dedi. Kim çıxış eləmədisə, suallarını Eldar müəllimə göndərsin.

Səsvermənin nəticələr (saat 14.48 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0  
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi.
İndi Eldar müəllimin sözü var. Buyursun. Bununla da iclasımızı yekunlaşdıraq.
E. İbrahimov. Hörmətli cənab Sədr, Sizə minnətdaram. Hörmətli deputat həmkarlarıma da verdikləri dəyərli təkliflərə görə təşəkkürümü bildirirəm. Bizim komitənin məqsədi və əsas istiqaməti ondan ibarətdir ki, deputat həmkarlarımızın verdiyi təkliflərə çox yüksək səviyyədə məsuliyyətlə yanaşaq və həmin təklifləri nəzərə almağa çalışaq. Çox ağıllı təkliflər verildi. Elton müəllim də, Əli müəllim də qeyd elədi, doğrudan da, qanun tək adamın işi deyil. Elə komitələrin də məsələyə qarışmağı yaxşı olardı. İnşallah, payızda qanun layihəsini ikinci oxunuşa çıxaracağıq. Sağ olun.
Sədrlik edən. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU