19.06.2009 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  118

Mill Məclisin  iclas  salonu.
19  iyun  2009-cu  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri.
Fərzəli Qədirov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
Vasif Babazadə, Bakı Dövlət Universitetinin kafedra müdiri.

* * *

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

* * *

Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Zaur Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

* * *

Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri.
Rəna Məlikova, Azərbaycan Respublikası Milli Bankının Hüquq departamentinin müdiri.

* * *

İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Çingiz Hüseynzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Mirkamil Rəhimov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri.
Vaqif Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri.

* * *

Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

* * *

İlqar Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə rəisi.
Elçin Nəsibov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.
Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında (ikinci səsvermə).
2. “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
11. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
11. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

* * *

 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

19  iyun  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıbdır, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)

Lehinə 100
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: qəbul edildi

Təsdiq olundu, sağ olun. Müzakirəyə ehtiyac var? Onda yazılın. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çox vacib bir mövzuya toxunmaq istəyirəm. Ötən həftə parlamentin 4 deputatı – mən, Fəzail İbrahimli, Rafael Cəbrayılov, İkram İsrafil döyüş bölgəsinin N saylı hərbi hissəsində olduq. Əsgər və zabitlərin həyat şəraiti ilə tanışlıqdan sonra mətbuata, kütləvi informasiya vasitələrinə öz obyektiv mövqeyimizi çatdırmağa çalışdıq. Mətbuatdan olan əməkdaşlara dedik ki, orduda olan prosesləri obyektiv işıqlandırmaq lazımdır. Biz demirik ki, orduda nöqsanlarla rastlaşmırıq, kifayət qədər problemlər də yoxdur. Əlbəttə, var, ancaq hesab eləyirik ki, bunu mətbuatda şişirtmək də lazım deyil.
Çox təəssüf ki, Azərbaycanın müəyyən köklü qəzetlərindən biri sayılan “Azadlıq” tərəfindən buna görə tənqid atəşinə tutulduq. Onlar bizə üz tutub yazıblar ki, niyə deyirsiniz ordudakı prosesləri şişirtməyə ehtiyac yoxdur? Biz, əslində, deyirik ki, obyektiv yazın. Bunlar isə deyirlər ki, yox, şişirdəcəyik. Belə yanaşma, məncə, naqislikdir. Təəssüf doğuran da odur ki, yazını hazırlayan adamın özü hərbi xidmət keçməyib. Hərbi xidmət keçməyə-keçməyə hamıya tövsiyə edir ki, gördüyünüz problemləri, vəziyyəti olduğu kimi söyləməyin. Həqiqətən də, biz demirik ki, orduda problem yoxdur. Mən ordu həyatını kifayət qədər yaxşı bilən insan kimi deyirəm ki, son beş ildə həm ərzaq təminatı, həm də texniki təchizatla bağlı kifayət qədər ciddi irəliləyiş olubdur. Deputat həmkarlarımızla birgə bu vəziyyətlə yaxından tanış olduq. Biz gördük ki, orduda olan problemlərin bir çoxunun mətbuatda işıqlandırılması, təbii ki, vacibdir, amma bunların yalnız qara rənglə verilməsi, doğrudan da, ciddi narahatlıq doğurur.
Məsələn, bir hərbi hissədə əsgərin bir neçə nəfəri güllələməsi məsələsi var idi. Sonradan aydın oldu ki, əsgərin orduya qədərki hazırlıq vəziyyətində psixi xəstəliyi ilə bağlı problemləri varmış, bu da müəyyən narahatedici nəticələr doğurubdur. Əsgərlərin böyük bir qisminin, bəlkə də 80–90 faizinin yazı-pozu qabiliyyəti lazımi səviyyədə deyil. Hətta hərbi xidmətdə kurslar açılır ki, onlara latın əlifbası öyrədilsin. Sabah bir manqa komandiri hazırlamağın nə qədər çətin ola biləcəyini orduda olanlar yaxşı bilirlər. Ona görə ordu ilə bağlı məsələlərdə problemlərin həll olunması istiqamətində səyimizi birləşdirməli, hərbin inkişafına kömək göstərməliyik. Ordu quruculuğu işində millət vəkillərinin bu cür səfərlər etməsi əsgərlərimizin döyüş ruhunun qaldırılmasına müsbət təsir göstərir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yaqub Mahmudov, buyurun.
Y. Mahmudov. Çox sağ olun, cənab Sədr. Hörmətli Oqtay müəllim, mən, Milli Məclisin Sədri olduğunuza görə, Sizə müraciət eləmək istəyirəm. Əlbəttə, məsləhət, Milli Məclisin Sədri kimi, Sizindir. Münasib bildiyiniz halda buna komitələrdə baxıla, eyni zamanda, dostluq, əməkdaşlıq qrupları tərəfindən parlamentlərə müraciət oluna bilər.
Bizim qonşularımız tarixi təhrif edən hallara yol verir, müstəqil Azərbaycanın dövlət sərhədlərinə rəsmi sənədlərdə təcavüz edirlər. Məsələyə müvafiq qaydada cavab verilməlidir. Mən buna dair sənədləri də gətirmişəm. Gürcüstana xaricdən gələn turistlər üçün oranın görməli yerlərini əks etdirən xüsusi xəritə və jurnal buraxıblar. David Qareci monastrı həmin mənbələrdə Gürcüstanın içərisində verilir. Bu, bizim tariximizdə mübahisəli məsələ deyil. Tiflis əmirliyi vaxtında həmin ərazi Azərbaycanın tərkibində olub. Stalinin dövründə bu ərazilər gürcülərə verilib.
Alban monastrı barədə hörmətli Prezidentimizin sərəncamı olubdur. Prezidentə eşq olsun ki, tarixi abidələr kompleksinə dövlət səviyyəsində münasibətini bildirdi. Qoruğa daxil edilən alban monastrı David Qareci indi bütün dünya turistlərinə verilən xəritələrdə Gürcüstanın içərisində olan abidə kompleksi kimi təqdim olunur. Onlar deyirlər ki, buyurun, gəlin, bunları seyr eləyin. Xəritədən əlavə bir jurnal da buraxıblar və onda Qarecinin şəkillərini veriblər.
Mənə elə gəlir ki, bizim Gürcüstanla dostluq münasibətləri çərçivəsində bu məsələlərə belə münasibət yolverilməz, əxlaq normalarına sığmayan bir addımdır. Təklif edirəm ki, bu məsələyə münasib bildiyiniz halda komitələrdə baxılsın və dostluq qrupları vasitəsilə Gürcüstan rəhbərliyinin diqqətinə çatdırılsın.
Eyni məsələyə uyğun bizim İranla da müştərək tariximiz var. Azərbaycanın İranla da qonşuluq və dostluq münasibətləri daimidir. İranın çətin günlərində Azərbaycan Prezidenti bizim ərazimizdən İrana qarşı heç bir addım atılmasına imkan verməyib. İranda internet saytlarında verilən bir xəritəni burada nümayiş etdirmək istəyirəm. Azərbaycan Respublikasının ərazisini internet saytlarında Şimali İran kimi veriblər. Ondan sonra Xəzər dənizini Dəryayi-Mozandaran adlandırıblar. Amma Ermənistan Respublikasının ərazisi, Gürcüstan olduğu kimi qalıbdır. Qonşu islam dövlətinin müstəqil Azərbaycan Respublikasının sərhədlərini öz tərkibində verməsi də yolverilməz addımdır.
Mən bunlara, əlbəttə, parlamentin üzvü olaraq kəskin etirazımı bildirirəm. Mənə elə gəlir ki, bunlar dostluq münasibətlərinə uyğun olmayan addımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Sizin narahatlığınızı başa düşürəm və əlbəttə ki, dediyiniz məsələni araşdırmaq lazımdır. Jurnal nəşr olunduğunu qeyd etdiniz, ancaq onun təsisçisi kimdir? Xəritəni yazan da, ola bilər, adi bir turizm şirkətidir. Mən inanmıram ki, Gürcüstan dövlətinin adından olsun, çünki bu dövlət Azərbaycanın strateji tərəfdaşıdır. Bu, ola bilər ki, təxribatdır. Məsələni qaldırdınız, onu, əlbəttə, araşdırmaq lazımdır.
Eləcə də İranla əlaqədar saytları dediniz. İstənilən bir insan internetdə öz saytını açıb dezinformasiya ilə məşğul ola bilər. Biz məsələni araşdırarıq. Xahiş edirəm, onları verin, deyərik, baxarlar. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən 13-cü məsələnin gündəlikdən çıxarılmasını təklif edirəm. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsindəki məsələ uzun müddətdir ki, cəmiyyətimizdə müzakirə olunur. Müxtəlif təbəqələrin nümayəndələri, o cümlədən siyasi partiyalar, ictimai təşkilatlar bununla bağlı münasibətlərini bildirirlər. Mən həm onların, həm də bizim partiyanın mövqeyini burada çatdırıram ki, həmin müddəaların dəyişiklikdən çıxarılmasının, ümumiyyətlə, müzakirə olunmamasının tərəfdarıyam.
İkinci məsələ. Yaqub müəllim Gürcüstanın Azərbaycana münasibətini və bu sahədə görülən neqativ işlərlə bağlı məlumatlarını çatdırdı. Mən də dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyimi ifadə etmişəm. Hesab edirəm ki, doğrudan da, həm azərbaycanlılar yaşayan ərazidə, həm də tarixi saxtalaşdırılan Azərbaycan ərazilərində bu tipli hadisələr tez-tez baş verir. Amma bunun baş vermə səbəblərini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılmır.
Maraqlı budur ki, bunu edən Gürcüstan tərəfidir. Bəli, Gürcüstan bu addımları atır və azərbaycanlıların bu və ya digər şəkildə ölkədən çıxmasına şərait yaradır. Oradan çıxan azərbaycanlılar gəlir Azərbaycana və mahiyyət etibarilə nə baş verir? Yeni deportasiya dalğası başlayır. Son ayda əslən gürcüstanlı olan 400 nəfərdən yuxarı azərbaycanlı bu və ya digər şəkildə Bakı şəhərinə deportasiya olunub. Mən başa düşürəm ki, pasport rejiminin yoxlanılması, viza, qeydiyyat və sair məsələlərlə bağlı bunlar aktuallıq kəsb edir.
Gürcüstanda çətinliklə üzləşən, problemlər yaşayan, torpaq haqqını ala bilməyən, vəzifələrə seçilməyən, iş yerləri tapmayan soydaşlarımız bura gəlirlər. Burada da mahiyyət etibarilə fərqli bir mövqe ilə üz-üzə qalırlar. Hara getsinlər? Rusiyaya, üçüncü bir dövlətəmi üz tutsunlar? Dünyanın harasında, az-çox sayda yaşamalarından asılı olmayaraq, azərbaycanlı varsa, onların hamısının son nəticədə üz tuta biləcəyi yer Azərbaycandır. Azərbaycan dövləti adından Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həll olunması istiqamətində köklü siyasət aparıb bu məsələləri onlarla razılaşdırmaq lazımdır. Burada sığınacaq tapan azərbaycanlıların isə bu məsələyə münasibətini fərqli şəkildə həll etmək lazımdır. Onları ölkədən çıxarmaqla, üçüncü dövlətə göndərməklə problemlər həll olunmur. Bu, əslində, bizim öz soydaşlarımıza etinasızlığımızdır.
Sədrlik edən. İqbal müəllim, birincisi, gündəlik təsdiq olunub. İkincisi, Gürcüstan vətəndaşları ilə əlaqədar işlərlə dövlət məşğul olur. Bu məqsədlə komitə də yaranıbdır. Bizim millət vəkilləri də ora gedir və bu işlərin aydınlaşdırılmasında iştirak edirlər. Narahat olmayın, biz öz soydaşlarımızın tərəfini həmişə saxlayacağıq. Elmira Axundova.
E. Axundova. Əvvəla, mən də Fazil Mustafanın dedikləri ilə tam razıyam və hesab edirəm ki, mətbuat orduda gedən müsbət prosesləri həmişə görməli, qiymətləndirməli və düşmənimizin dəyirmanına su tökməməlidir. Mən bir məsələyə diqqətinizi yönəltmək istərdim.
Cənab Sədr, bir neçə aydır ki, mən hər gün iki dəfə Bakı–Zuğulba yolunu getməli oluram. Şükür Allaha ki, Prezidentimizin təşəbbüsü və dəstəyi ilə Bakı – aeroport yolu köklü surətdə dəyişibdir. 6 zolaqlı geniş şose yolundan keçəndə hər 200–300 metr məsafədə yerüstü keçidlər, abadlıq işləri, mənzərələr, doğrudan da, ürək açır. Lakin bu yollar açıldıqdan sonra biz böyük bir problemlə rastlaşmışıq. Camaatın yol hərəkəti qaydalarına riayət etməməsi nəticəsində tez-tez fəlakət baş verir. Baxmayaraq ki, bu əsas yolda gözəl yerüstü keçidlər qurulub, amma heç kim onlardan istifadə etmir. Piyadalar yolun bir üzündən digərinə ata-baba qaydaları ilə keçirlər. Onlar ortada qoyulan dəmir məhəccərləri aşır, sürətlə keçən maşınların qabağına atılır, yol hərəkəti qaydalarını pozur və az qala hər gün kim isə təkərlərin altında qalır.
Bütün inkişaf edən ölkələrdə piyada qanunla nəzərdə tutulmayan yerdən, xüsusilə avtomaşınlar ötən yoldan keçəndə bu qanunsuz hərəkətə görə özü məsuliyyət daşıyır. Biz isə mentalitetimizi bayraq edib hələ də belə məsələlərə yumşaq yanaşırıq. Görürsən ki, cavan oğlan, yaxud qız keçidlə 30–40 pilləkəni qalxmağa tənbəllik edir, maşın yolundan keçir. O, bununla həm öz həyatını təhlükədə qoyur, həm də sürücülərin əsəbləri ilə oynayır. Əgər biz özümüzü Avropa məkanına daxil ediriksə və qanunlarımızı Avropa standartlarına uyğunlaşdırırıqsa, onda gəlin yol hərəkəti qaydalarında dəyişiklik edək. Əvvəla, qanunu pozan piyadalara qarşı yüksək cərimə tətbiq olunmalı, Dövlət Yol Polisi buna ciddi nəzarət etməlidir. Ən əsası isə təklif edirəm ki, biz qanunlarımıza dəyişiklik edək, maşınların yüksək sürətlə şütüdüyü yolda bədbəxt hadisə üz veribsə, bu hadisə onun üçün nəzərdə tutulmayan yerdən keçən piyadanın təqsiri ucbatından baş veribsə, sürücü cinayət məsuliyyətindən azad olunmalıdır. Biz bu dəyişiklikləri hazırlayaq və müvafiq qanunvericilik aktlarına bu əlavələri edək. “Sürücü hər bir halda təqsirkardır” prinsipinə, nəhayət ki, təzədən baxılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Elmira xanım, Sizin dediklərinizin hamısı qanunvericilikdə var. Mən də onunla razıyam ki, bəzilərini sərtləşdirmək lazımdır. Bu barədə Daxili İşlər Nazirliyi ilə danışmışıq və orada hazırlanır. Yol hərəkəti qaydalarında sərtləşmə olacaq, ancaq dediyiniz cərimə, yolkeçmə məsələsi qanunvericilikdə var. Fəzail İbrahimli.
F. İbrahimli. Hörmətli Sədr, hörmətli həmkarlarım, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Yaşadığımız cəmiyyətdə müstəqillik haqqımız dövlətimizin qüdrətindən, dövlətinsə qüdrəti iqtisadi potensialından və digər məsələlərdən, xüsusilə hərb ilə bağlı amillərdən asılıdır. Bu gün Azərbaycan atəşkəs rejimində yaşasa da, Ermənistanla aramızda ideoloji müharibə davam edir. Hər birimiz bu ideoloji müharibədə özümüzü, bütün imkanlarımızı kifayət qədər səfərbər etməliyik. Bu sahə ilə bağlı olan informasiya vasitələrində deyilən məsələlərə həssaslıqla yanaşılmalıdır.
İstər burada, istərsə də mətbuatda ordu ilə bağlı olan məsələlər gündəmə gəldikdə, güman edirəm ki, qüsur və nöqsanlar cavabdeh strukturlar səviyyəsində həll edilməlidir. Bəzən orduya getməyən, sərhədləri görməyən, hərbçilərlə ünsiyyətdə olmayan insanların bu mövzuda danışmağı sanki şəhərdə yaşayıb kənddə şeir yazan şairlərin hərəkətinə oxşayır.
Bu yaxınlarda, – Fazil müəllim dedi, – 4 millət vəkili qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə N hərbi hissəsində olduq. Gəldiyimiz qənaət nədir? Azərbaycan ordusunda aparılan quruculuq işləri öz bəhrəsini vermişdir. Əsgərlərin əhvali-ruhiyyəsi yüksəkdir. Düşmənlə üz-üzə dayanan əsgərlərin gözlərindəki vətənpərvərlik hissi belə bir fikir söyləməyə əsas verir ki, Azərbaycanın kifayət qədər hərbi qüdrəti, potensialı var. Azərbaycan beynəlxalq hüquq normaları daxilində Dağlıq Qarabağ problemini hərb yolu ilə həll edə bilər. Bu məsələ kifayət qədər Ali baş komandanın əmrindən asılıdır. Ordumuzdakı müasir texnologiya sərhədlərimizin qorunmasına kifayət qədər imkan yarada bilir. Gözlərimizlə gördüyümüzdən bir daha rahat olduq ki, ordu quruculuğu sahəsində ciddi addımlar atılmışdır. Bütün bunlarla yanaşı, mənim fikrimcə, ayrı-ayrı problemlər mövcuddursa, bu da aidiyyəti strukturlara rəsmi formada müraciət etməklə həllini tapa bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis, hörmətli mətbuat nümayəndələri! Mən İqbal Ağazadənin – deputat həmkarımın başladığı mövzunu davam etdirmək istəyirəm. Cənab Sədr söylədi ki, bu məsələ diqqətdədir. Doğrusu, ona inanmaq istəyirəm, amma bu məsələ ilə birbaşa məşğul olduğum üçün, mənə elə gəlir ki, onun üzərinə yenidən qayıtmağa ehtiyac var.
Təxminən dörd il bundan əvvəl mən təklif eləmişdim ki, Borçalı ilə bağlı dinləmələr olsun. Vacib deyil ki, ora mətbuatın üzünə həmişə açıq olsun. Bu gün həm orada, həm də Borçalı əsilli miqrantların burada vəziyyətinin, həqiqətən də, dramatik olması göz qabağındadır. Qanunvericilikdə dəyişiklik olub, bunu anlayırıq, amma bir həqiqət də var ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının yeganə dövlətidir. Bakı onların siyasi, ideoloji, kültür mərkəzi olduğuna görə xeyli dərəcədə məsuliyyət daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası bir neçə unitar dövlətdən biridir ki, əhalinin, yəni dünya azərbaycanlılarının yalnız altıda, yeddidə bir hissəsi burada yaşayır.
Azərbaycan Respublikası maraqları baxımından çox böyük potensiala malikdir. Təəssüflər olsun ki, xaricdə yaşayan azərbaycanlılar məsələsində hökumətin fəaliyyəti bəlkə də sıfırdan aşağıdır. Yadınıza bir faktı da salın. BMT-də İranda insan haqlarının pozulması, o cümlədən etnik məsələlərlə bağlı Azərbaycan nümayəndəsinin münasibəti olmuşdu. Bunlar eyni məsələlərdir. Biz, adətən, itirilmiş torpaqlar haqqında danışırıq, amma itirilmiş insanlarımız haqqında danışmırıq. Yaxud da onun heç fərqində deyilik. O yerdə ki milli təsir yoxdur, ora milli mətbuat gedib çatmır, həmin yerdə insanlar itirilir. Fiziki olaraq bu insanlar artıq itirilib. Orada toplu şəkildə də olsa, onlar Azərbaycan üçün bir dayaqdır, amma Rusiyanın da, Azərbaycanın da yolu bağlıdır.
Azərbaycan Respublikasından azərbaycanlının deportasiya olunması bəlkə də müntəxəbata düşə biləcək mənfi hallardan biridir. İndi Borçalı camaatı hara gedir? Belarusa, Ukraynaya gedir. Burada əvvəllər rüşvətlə, filanla müvəqqəti yaşamaq icazəsi alırdılar. İndi o da ləğv olunub. Mən yenə də təklifimi təkrar eləmək istəyirəm. Gəlin, bununla bağlı bir...
Sədrlik edən. Çox sağ olun. İndi hərənin öz fikri ola bilər, Nəsib bəy. Siz dediniz ki, azərbaycanlıların səkkizdə biri Azərbaycanda, qalanı xaricdə yaşayır. Çox gözəl olmazdımı ki, səkkizdə bir hissəsi yeni, müstəqil Azərbaycanda olaydı, qalan hissəsi isə diaspor kimi Azərbaycana kömək eləyəydi, dəstək olaydı. Qoy hər yerdə azərbaycanlı olsun, yaşadığı yerdə inteqrasiya eləsin. Başqa dövlətlərin, başqa millətlərin diasporları kimi. Biz bu istiqamətdə fikirləşməliyik. Niyə hər şeyi dövlətin boynuna qoymalıyıq? Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, qonaqlar və media nümayəndələri! Məndən öncə bəzi hörmətli həmkarlarımız ordudakı vəziyyətlə bağlı çıxış elədilər. Sözün doğrusu, bir az təəccübləndim və bir az da narahat oldum. Əlbəttə, oradakı vəziyyət obyektiv deyilməli, işıqlandırılmalı və şişirdilməməlidir. Mən bu fikirlə tam razıyam. Bir orduda ki zabit öz əsgərlərini düşmən tərəfinə satır və uzun müddət ordu rəhbərliyinin bundan xəbəri olmur, o ordunun rəhbərliyi Ali baş komandandan istefa barədə təklif gözləmədən özü istefaya getməlidir. Çox təəssüf ki, bizdə bunlar baş vermir. Arzu edərdim ki, təki bizim ordumuzda vəziyyət bəzi həmkarlarımın söylədiyi kimi olsun.
Mən diqqətinizi daha mühüm bir məsələyə yönəltmək istəyirəm. Mətbuatdan oxudum ki, Amerika Birləşmiş Ştatlarının Konqresi müxtəlif adlar altında həm birbaşa, həm də dolayısı ilə Dağlıq Qarabağa yardım etməyə hazırlaşır. Amerika bizim strateji tərəfdaşımızdır. Seçimi biz özümüz eləmişik və bu, Azərbaycanın milli mənafelərinə, maraqlarına uyğundur. Amma biz Amerika Birləşmiş Ştatlarının Konqresinə Azərbaycanın Milli Məclisi olaraq müraciət eləməliyik ki, bu riyakar siyasət aparmağınız kifayətdir! Necə olur ki, bir tərəfdən deyirsiniz ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, o biri tərəfdən də separatçı xuntaya müxtəlif adlar adı altında birbaşa və dolayısı ilə yardım edirsiniz? Bəs onda Cənubi Osetiyaya, Abxaziyaya niyə belə yardım eləmirsiniz? Dnepryanı respublikaya niyə belə yardım etmirsiniz? Biz bilirik, orada erməni lobbisi var, amma Amerika Birləşmiş Ştatları bir dövlət olaraq özünün bəyəndiyi, elan elədiyi prinsiplərə sadiq qalmalıdır, özünə hörmət eləməlidir.
Mən təklif edirəm ki, Oqtay müəllim, əgər məqsədəuyğun sayırsınızsa, bizim müvafiq komitədə bu məsələ müzakirə olunsun. Lazımdırsa, biz Milli Məclisin növbəti iclasına bir bəyanat da hazırlayaq, onu müzakirə edək və yayaq. Yəni biz bunu, sadəcə, seyr eləməməliyik ki, Azərbaycanın ərazi bütövlüyünü pozmuş bir rejimə, xuntaya Amerika Birləşmiş Ştatları bu formada yardım eləsin. Bu, əslində, separatizmi stimullaşdırmaqdır. Bu, bölgədə sabitliyin, balansın pozulmasına xidmət edən bir siyasətdir və Amerika Birləşmiş Ştatlarına məsələ barədə açıq deyilməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, təkliflərinizə baxarıq. Qüdrət müəllim, mən xahiş edirəm ki, təsdiqlənməmiş, sübut olunmamış sözləri Milli Məclisin tribunasından deməyin. “Zabit əsgər satır” fikrini orduya şamil etməyi mən düzgün saymıram. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün bizim iclasımızın gündəliyində 13 məsələ var. Bunların böyük əksəriyyəti, xüsusilə Təhsil haqqında qanun cəmiyyətin çoxdan gözlədiyi mühüm bir sənəddir. Yəqin ki, iclasımız ərzində bu sənəd müzakirə olunub qəbul ediləcəkdir.
Cənab Sədr, bu gündəlik ona görə müzakirə olunur ki, deputatlardan kiminsə ona əlavəsi varsa, yaxud gündəlikdə olan məsələlərin hansı biri ilə razı deyilsə, bu barədə öz təklifini versin. Bu gündəliyimizin müzakirəyə çıxarılan 13-cü məsələsi məni də ciddi şəkildə narahat edir. Mən onunla bağlı hüquqşünas rəyi də almışam, bu sənədi ciddi şəkildə araşdırmışam. Təəssüf hissi ilə qeyd etməliyəm ki, qeyri-hökumət təşkilatları ilə bağlı müzakirəyə çıxarılan sənəd kifayət qədər ziddiyyətlidir. Bu, təkcə adi qanunvericilik ziddiyyəti deyil. Burada Konstitusiyanın müvafiq maddələri ilə də ziddiyyət vardır. Mən daha dəqiq formada qeyd etmək istəyirəm ki, məsələ axıra qədər öyrənilməyib, hüquqi cəhətdən tənzimlənməyib. Sənəd Konstitusiyanın 58-ci, 71-ci və 149-cu maddələri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Azərbaycanın qoşulduğu Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 20-ci və 22-ci maddələrinə də uyğun gəlməyən bu məsələnin müzakirəsini, təklif edirəm, gündəlikdən çıxaraq, bunu axıra qədər hüquqi baxımdan dəqiqləşdirək. Bir qayda olaraq, “Qeyri-hökumət təşkilatları haqqında” Qanun qəbul olunan zaman beynəlxalq rəydən keçmişdir. Bir vaxtlar beynəlxalq rəylərdən keçən qanunlar demokratik müddəaları özündə əks etdirirdi. Oqtay müəllim, son bir neçə ildə həmin maddələr tək-tək parlamentə göndərilir, ya qanunlardan, ya da normativ aktlardan çıxarılır. Əgər biz bunu müzakirə edib, qərar qəbul etsək, Azərbaycanın çox böyük bir sahəsini təşkil edən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün ciddi problemlər yaranacaq, Azərbaycanın beynəlxalq imicinə çox ciddi şəkildə ziyan vurulacaq.
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Siz hüquqşünaslarla məsləhətləşmisiniz. Bizdə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsi var. Orada da hüquqşünaslar çoxdur və onların yekdil rəyi olubdur. Birinci, gündəlik artıq səsə qoyulub, qəbul olunubdur. Müzakirə də ona görə lazımdır ki, hər kəs öz fikrini, öz sözünü deyəcək, axırda qərar çıxaracağıq. Yəni bundan niyə çəkinək? Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mənim fikrim sırf prosedur xarakterli məsələ ilə bağlıdır. Mən də 13-cü maddənin gündəlikdən çıxarılmasını təklif edirəm. Hesab edirik ki, bu, bizim Konstitusiyanın, Azərbaycanın tərəfdar çıxdığı bir sıra beynəlxalq sənədlərin ziddinə olan bir məsələdir və müzakirə oluna bilməz.
Konkret olaraq, bilirsiniz ki, 96-cı maddənin 7-ci hissəsində qərarların və qanunvericilik layihələrinin məqsədlərinin göstərilməsi və əsaslandırılması tələbi qoyulubdur. Bu, referendumdan sonra edilən dəyişiklikdir. Mən də bunu bir neçə dəfə xatırlatmışam. Təəssüf ki, ciddi ictimai müzakirəyə, rezonansa səbəb olan bu qanunun da əsaslandırılması və məqsədinin göstərilməsi sahəsində müvafiq təşəbbüslərlə bağlı konkret halda Milli Məclisin komitəsi tərəfindən, demək olar ki, heç bir iş aparılmamışdır. Əgər siz kütləvi informasiya vasitələrinə baxsanız, elektron informasiya vasitələrinə diqqət etsəniz, bu dəyişikliklərin hüquqi cəhətdən əsaslandırılması, yaxud Azərbaycan Respublikasının dövlət mənafeyinə hansı dərəcədə uyğun olması barədə heç bir inandırıcı, əsaslı dəlil yoxdur. Bu gün deputatlar da məqsəd göstərilmədən və əsaslandırma olmadan, özü də axırıncı bir məsələ kimi bunu başdansovdu qəbul edəcəklər. Yəqin ki, heç müzakirəyə də imkan yaradılmayacaq, 3 dəqiqəlik, 5 dəqiqəlik müddət qoyulacaqdır. Çox mühüm, təkrar edirəm, cəmiyyətdə rezonansa səbəb olan məsələnin belə bir formada qəbuluna cəhd edilməsinin də səbəbi var, çünki həmin təşəbbüsçülərin deməyə sözü yoxdur. Əgər sözü varsa, onda gündəliyin axırıncı məsələsi önə çıxarılsın. Hörmətli Əli müəllim və digər təşəbbüsçülər bu məsələni əsaslandırıb, məqsədi açıq şəkildə bildirsinlər. Ondan sonra da biz onlarla normal bir opponentlik edib, diskussiya aparaq. Əks təqdirdə, təkrar edirəm, bu, sadəcə olaraq, Azərbaycan Respublikasının qanunvericiliyində ciddi təcavüzdən başqa bir şey deyil, qanunu zorakılıq vasitəsilə dəyişdirmək cəhdidir.
İkinci, mən bir məsələni də deyim. Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurası Nazirlər Kabinetinin qeyri-hökumət təşkilatları haqqında qanunvericilik aktlarının dəyişdirilməsi haqqında, konkret olaraq, xüsusi sənədi, tövsiyələri var. O tövsiyələrdə göstərilir ki, bu qanunvericilik yalnız o vaxt dəyişdirilə bilər ki, onlar qeyri-hökumət təşkilatları ilə müzakirə edilsin. İndi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bir neçə üzvü, – onlar da faktiki olaraq dövlət orqanıdır, – hansısa qapalı separat söhbətləri burada həmin qeyri-hökumət təşkilatları ilə müzakirə kimi qələmə vermək istəyirlər. Bu, belə deyildir.
Dünən 150-dən çox qeyri-hökumət təşkilatının iştirakı ilə forum keçirilib. Birmənalı şəkildə bu düzəlişlərə “yox” deyilibdir. Bu, Azərbaycan demokratiyasının, vətəndaş cəmiyyətinin məhv edilməsinə yönəlmiş bir qanunvericilik layihəsi kimi dəyərləndirilibdir.
Bir daha təkrar edirəm, indidən proqnoz vermək olar, hətta ola bilsin ki, burada qəbul ediləcəyi təqdirdə Prezident bu qanunvericilik layihəsini imzalamasın. Çünki Azərbaycanın mənafeyini istəyən, Azərbaycan cəmiyyətinin imicini əziz tutan heç bir hüquqşünas, heç bir siyasətçi, heç bir deputat belə rüsvayçı, biabırçı qanunvericilik layihəsini Milli Məclisin müzakirəsinə çıxarmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, qanun layihəsi hələ ki təqdim olunmayıb. Bəs sən nə bilirsən ki, bunu necə əsaslandıracağıq? Qoy bir təqdim olunsun, bəlkə komitə özü əsaslandıracaq? Niyə belə, heç başlamamışdan narahatlıq keçirirsiniz? Biz heç kimin vaxtını almırıq. Nə qədər çatdırarıq, o qədər də gedər. Kim nə qədər istəyər, çıxış edər. Bu gün çatdırmarıq, qalar o biri günə. Narahatçılıq lazım deyil. Heç başlamamışdan narazılıq bildirirsiniz.
Azay Quliyevin sualı var. Sonra Əhəd Abıyevə söz verəcəyəm. Ondan sonra gündəliyə başlayacağıq. Azay Quliyev, sualın var? Buyurun.
A. Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən elə Pənah Hüseyndən soruşmaq istəyirəm ki, görəsən, o, “separatizm” sözünün mənasını bilirmi? Ümumiyyətlə, Milli Məclisin deputatının, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədrinin və üzvlərinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin və müvafiq şöbə əməkdaşının görüşü nə vaxtdan separatçı görüş olub? Hörmətli Pənah Hüseyn, Siz bu sözün, ümumiyyətlə, mənasını bilirsinizmi? Bu bir.
İkinci, axı, Pənah Hüseyn nə vaxtdan qeyri-hökumət təşkilatlarının qayğısına şuradan, yaxud da bizim çox fəal QHT-nin özündən daha çox qalıbdır? Üçüncü, axı, burada nə baş verir? Müzakirələr olacaq, burada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi rəyi var, imkan olsa, o da səslənəcək. Ondan sonra hər şey özlüyündə aydınlaşacaq, bilinəcək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, QHT-nin, komitənin mövqeyi nədir. Xahiş edirəm, hörmətli Pənah Hüseyn, danışanda, fikir söyləyəndə heç kimi təhqir etməyin. Separatçı işlərlə bəlkə Siz məşğul olursunuz. Biz heç vaxt separatçı işlə məşğul olmamışıq. Bizim mövqeyimiz birdir, açıq və şəffafdır.
Sədrlik edən. Azay müəllim, Siz sual verirdiniz, ancaq çıxış da oldu.
A. Quliyev. Elə hər ikisi...
Sədrlik edən. Pənah Hüseyn yazılı surətdə Sizə cavab verər. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Hörmətli cənab Sədr, xahiş edirəm, mənim yerimə Zeynəb xanım çıxış eləmək istəyir. Hörmətli xanıma söz verin, fikrini desin.
Sədrlik edən. Zeynəb xanım Xanlarova, buyurun. Mikrofon verin.
Z. Xanlarova. Əzizlərim, Azərbaycanımız günü-gündən gözəlləşir. Uşaqdan tutmuş, qocalara qədər bütün xalqın dilindən bu sözlər düşmür: “Sağ olsun bizim Prezidentimiz!”, “Sağ olsun Mehriban xanım!”. Bəli, mən də onlara qoşuluram. Mənim də ürəyimdən gələn ən xoş sözlər həmişə onlara ünvanlanıb. Mənim Prezidentimə və onun xanımına böyük minnətdarlığım olub.
Mən dünən Səməd Vurğunun qızının yas məclisində oldum. Bilmirəm, sizə necə inandırım, ötən gecə fikirdən yuxusuz qalmışam, səhərə qədər yata bilməmişəm. O muzeyi görəndə çox pis oldum. Yasa gedən yoldaşlarımız aşağıda qurulan çadırda olublar, muzeyə bəlkə də çıxmayıblar, oranı görməyiblər. Mən axşamüstü getmişdim, inanın, oranı görəndən sonra pillələri düşə bilmirdim. Dünyanın hər yerini “Səməd Vurğun”, “Azərbaycan” deyə-deyə gəzmişəm. Mən də deməsəm, onlar da deyiblər ki, Səməd Vurğunun Azərbaycana böyük məhəbbəti olub, onun eşqi ilə yazıb yaradıbdır. Mənim arxivimdə nə qədər lentlərim də var. Yəni demək istəyirəm ki, bəs niyə dünya şöhrətli Səməd Vurğunun evi belə acınacaqlı vəziyyətdədir?
Nəvəsi məni apardı, bir-bir göstərdi. Dedim ki, yəqin, Prezidentimizin xəbəri yoxdur, inşallah, mən sabah Milli Məclisdə bu barədə danışaram. Bilirəm ki, bizim hörmətli Prezidentimiz həmişə atası kimi sənətə böyük qiymət verir. Muzey böyük Səməd Vurğuna yaraşmayan bir yerə çevrilibdir.
Mənim dünən Amerikadan səkkiz nəfər qonağım gəlib. Bunu Təlatüm də bilir, ona da demişdim. Azərbaycanı gəzirlər, etiraf edib deyirlər ki, biz tanıya bilmirik. Bu günün Azərbaycanı keçmişdə gəldiyimiz Azərbaycandan çox fərqlidir. Bütün bunlara görə yenə də dövlətimizin başçısına, bizim xalqımızın mərd oğluna minnətdarlığımı, təşəkkürümü bildirirəm. Ancaq istərdim ki, mənim xahişimi eşitsin, bu, xalqın da ürəyindən olardı. Səməd Vurğunun oğlu təvazökar oğlandır, demir. Axı, o ev çox pis vəziyyətdədir. Mən istəyirdim ki, qonaqlarımı aparım Səməd Vurğunun evinə, ancaq utandım. Mən istərdim ki, Səməd Vurğun şou əhlindən aşağı tutulmasın. İndi şou əhlinə böyük hörmət var. Dünən əməkdar artist adı alan bu gün xalq artisti olur. Halal xoşları olsun. Ancaq onlar sənətdə, əlbəttə, Səməd Vurğun kimi yaşamayacaqlar. Böyük şairimizin adına hörmət olunsun. Mənim xahişim budur.
Sədrlik edən. Oldu, sağ olun. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar! Mən də bir neçə məsələyə toxunmaq istəyirəm. Birinci, burada həmkarlarım 13-cü maddə ilə bağlı fikir söylədilər. Biz bunu təsdiq eləmişik, gündəliyə daxildir. Mən o təşkilatların nümayəndələrinin qəzet səhifəsində verdikləri məlumatlarla tanış oldum. Oqtay müəllim, qeyd edim ki, ora toplanan 150 nəfərin əksəriyyəti qeyri-hökumət təşkilatında qeydiyyatdan keçməyibdir. Bu adamlar müxtəlif siyasi partiyaların sədr müavini, Məclis üzvü, şura üzvü və digərləridir. Bu bir daha onu sübut edir ki, həmin qeyri-hökumət təşkilatları bu və ya digər xarici dövlətlərdən aldığı maliyyə vəsaiti ilə həmin siyasi partiyaları maliyyələşdirirlər. Bizim gündəliyə çıxardığımız məsələ ondan ibarətdir ki, şəffaflıq tam təmin olunsun. Bu gün əgər kim şəffaflıqdan qorxursa, həmin adamlar səs-küy salır, məsələ qaldırırlar ki, ay qanuna ziddir, ay belədir, ay elədir. Əgər düzsənsə, əməlisalehsənsə, düzgün işə xidmət edirsənsə, burada heç bir qorxulu  məqam
yoxdur. Ortaya qoyulan məsələlər də sırf Azərbaycanda qeyri-hökumət təşkilatlarının, – ayrı-ayrı sevimli təşkilatların yox, – inkişafına yönəlmiş məsələlərdir. Bu baxımdan da məsələnin qoyuluşu vacibdir. Biz müzakirələrdə də fikirlərimizi söyləyəcəyik.
İkinci bir məsələ. Burada səsləndi ki, Azərbaycandan kimlərinsə deportasiya olunması halları var. Bu, tamamilə başqa bir şeydir. Qanunla Azərbaycan vətəndaşı var, dünya ölkələrində yaşayan azərbaycanlılar var. Mən bu cür siyasi bəyanatlara və siyasi debatlara baxanda, yadıma 1988-ci il düşür. Onda da elə belə münasibət oldu. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başlandı. Bununla əlaqədar dövlət, ayrı-ayrı millət vəkilləri tərəfindən işlər gedir. Məsələn, Ziyafət müəllimlə biz neçə dəfə Gürcüstanda olmuş, ali rəhbərliklə görüşmüşük. Hər dəfə də azərbaycanlıların məsələsi qaldırılıbdır, problemləri qoyulubdur. Biz deputat həmkarlarımızın dedikləri ilə əlaqədar o yerləri boşaldıb, burada bir cənnət düzəldə bilmərik. Hər bir Azərbaycan vətəndaşı öz yaşadığı ərazidə inteqrasiya etməlidir, orada fəaliyyət göstərməlidir. Azərbaycan dövləti də hərtərəfli sahələrdə lazımi köməyi göstərir və bundan sonra da bu iş davam edəcəkdir. Bu cür fikirləri söyləməklə, bu addımları atmaqla biz heç də dövlətimizin möhkəmlənməsinə və oradakı vətəndaşların hüquqlarının qorunmasına xidmət etmirik. Soydaşlarımız həmin dövlətin ərazisində yaşayır və necə deyərlər, yerli əhalidirlər, dədə-baba torpaqları var və orada da onlar o dövlətin strukturlarına, ayrı-ayrı qruplara inteqrasiya etməlidirlər. Onları oradan dartıb gətirmək, burada münbit şərait yaratmaq və sair etmək barədə fikirlər, mən hesab edirəm, olmamalıdır. İstənilən müzakirəni də ortaya qoyub aparmaq olar. Bir daha təkrar edirəm ki, bu, çox ciddi bir məsələdir və bunu siyasi bəyanatlar xatirinə ortaya atmaq olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gündəliyi 40 dəqiqədir müzakirə edirik. Hamıya da imkan yaratdıq. İndi keçək gündəlikdə olan məsələlərə. Birinci məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədədir. Artıq 6 ay keçib, biz Konstitusiyaya uyğun olaraq ona yenidən baxmalıyıq. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, buyurun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əslində, Siz qeyd etdiyiniz kimi, məsələ müzakirə olunub, səsvermə olub və bu gün biz ona yenidən səs verməliyik. Çünki Konstitusiya qanunları ilə bağlı prosedur belədir ki, 6 aydan sonra təkrar səsvermə keçirilməlidir. Bir daha yada salmaq istəyirəm ki, bu dəyişikliyin mahiyyəti bəllidir. Qanunvericiliyimizdə, o cümlədən Konstitusiya qanunvericiliyində, bilirsiniz ki, “şərti maliyyə vahidi” anlayışı çıxarılır. Onu konkret olaraq manat məbləğində göstəririk. Buna görə də insan hüquqları üzrə müvəkkilin əmək haqqı ilə bağlı olan müddəada “şərti maliyyə vahidinin 1200 mislinə bərabər tutulan məbləğdə” sözləri, bütün bizim digər qanunvericilik aktlarında olduğu kimi, manat məbləği ilə göstərilir və “1320 manat məbləğində” sözləri ilə əvəz edilir. Bu, texniki dəyişiklikdir, amma Konstitusiya qanunu olduğu üçün yenidən səsə qoyulmalıdır. Millət vəkillərindən xahiş edərdim ki, bu səsvermədə diqqətli olsunlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, diqqətli olun, çünki 95 səslə keçməlidir. Münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 12.48 dəq.)

Lehinə 110
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 111
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Təhsil haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Şəmsəddin müəllimə söz verməmişdən əvvəl bir-iki kəlmə özüm demək istəyirəm. Bu qanun layihəsi ətrafında, bilirsiniz ki, artıq 15 ilə yaxındır müzakirələr gedir. Bəzi mətbuat səhifələrində belə yazılar gedirdi ki, Təhsil haqqında qanun layihəsi üçüncü oxunuşa çıxmayacaq, çünki parlament Sədrinin şəxsi maraqları bu qanunda öz əksini tapmayıbdır. Təəssüf ki, belə yazanlar da olubdur.
Mən hesab edirəm ki, bu qanunun ərsəyə gəlməsində, ümumiyyətlə, Milli Məclisin bütün deputatlarının, Milli Məclis Aparatının, eləcə də Prezident Administrasiyası əməkdaşlarının, Təhsil Nazirliyi işçilərinin çox böyük əməyi var. Layihə üzərində çox işləyiblər. Qanun artıq, demək olar ki, hazırdır. Bu mühüm sənədlə bağlı çıxış etməyən, fikir söyləməyən yoxdur. Hamı sözünü deyibdir. Bu, nə birinci, nə də ikinci oxunuşdur. Bu, üçüncü oxunuşdur. Mən baxıram siyahıya, çıxışa artıq 27 nəfər yazılıb. Xahiş edirəm, fikrinizi konkret sual formasında deyin ki, biz Təhsil qanununu başa çatdıraq.
Mən söz verəcəyəm komitənin sədri Şəmsəddin müəllimə, burada hansı dəyişikliklər olubsa, özü də konkret, qısa məlumat versin. Deputatlardan da xahişim odur ki, bu qanun layihəsində anlaşılmayan nə isə varsa, konkret sual şəklində versinlər. Xahiş edirəm, diqqətli olun. Buyurun, Şəmsəddin müəllim.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün nəinki Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyətində, eləcə də bütövlükdə üçüncü çağırış Milli Məclisin həyatında çox əlamətdar, çox əhəmiyyətli tarixi bir gündür. 14 il ərzində müzakirə olunan, ictimai rəydən keçən, mən deyərdim ki, ən çox da mübahisələr doğuran Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi, nəhayət ki, üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılıbdır. Cənab Sədr, mən əvvəlcə istərdim ki, bu hadisə münasibəti ilə Siz başda olmaqla bütün millət vəkillərini təbrik edim, qanunun bu səviyyədə ərsəyə gəlməsində, Milli Məclisə təqdim olunmasında göstərdiyiniz dəstəyə, prinsipial mövqeyə, təkliflərinizə görə, cənab Sədr, Sizə, eləcə də komitənin üzvlərinə, bütün millət vəkillərinə dərin minnətdarlığımı və təşəkkürümü bildirim!
Hamınıza yaxşı məlumdur ki, təhsil Azərbaycan cəmiyyətində həmişə prioritet sahə hesab olunubdur. Ümummilli liderimizin başladığı geniş miqyaslı təhsil islahatları 1993-cü ildən etibarən tamamilə yeni, daha üstün səviyyəyə, keyfiyyət müstəvisinə qaldırıldı. Bunun nəticəsində Azərbaycan təhsilində islahatlar dərinləşib, Azərbaycan təhsilində həm keyfiyyət, həm də məzmun dəyişikliyi baş verib. Azərbaycan təhsili bu gün artıq uğurla dünya təhsil məkanına inteqrasiya olunur. Təhsilin bütün subyektlərinin sosial müdafiəsinə çox ciddi fikir verilir. Məhz bu qayğının nəticəsidir ki, hazırda Azərbaycan təhsilinə dövlət büdcəsindən 1,3 milyard manatlıq vəsait ayrılıbdır. Müqayisə üçün deyə bilərəm ki, bu, Azərbaycanın 1998-ci ildəki bütöv büdcəsinə ayrılan vəsait qədərdir. Eləcə də bu rəqəm bizim mənfur qonşularımızın büdcəsinin haradasa 70 faizinə qədərini təşkil edir.
Azərbaycan təhsilinə ayrılan büdcə vəsaiti hətta müdafiə xərclərini də üstələyibdir. Bu, çox önəmli bir hadisədir və onu təsdiq edir ki, təhsil sferasına ölkə rəhbəri cənab İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili ilə bağlı 14 Dövlət Proqramı qəbul olunubdur. Hər rüb ərzində biz təhsillə bağlı ölkə rəhbərinin yeni sərəncamlara, yeni proqramlara imza atdığının şahidi oluruq. Bu mənada mən daha iki Dövlət Proqramının adını çəkmək istərdim. Ali təhsilin islahatlaşdırılması üzrə Dövlət Proqramı bu ilin yazında – may ayında təsdiq olundu. Eləcə də Elmi strategiyanın müəyyən olunması və təhsilin kompüterləşməsi sahəsində Dövlət Proqramı da həyata keçirilməlidir. Bütövlükdə bu gün Azərbaycan təhsilində 16 proqram yerinə yetirilir. Bu, bütün pillələrdə təhsilin səviyyələrini əks etdirir. Əldə olunan nəticələr göz qabağındadır.
Hörmətli millət vəkilləri! Bu gün sizə təqdim olunan qanun layihəsinin bu səviyyədə hazırlanmasında ölkə rəhbərinin göstərdiyi qayğı və diqqət, şübhəsiz ki, danılmazdır. Mən istərdim ki, bütün təhsil ictimaiyyəti, Milli Məclisin deputatları adından ölkə rəhbərinə bu qayğı və diqqətə görə bir daha dərin minnətdarlığımı və təşəkkürümü bildirim.
İndi isə mən qısa şəkildə ikinci oxunuşdan keçdikdən sonra sənəd üzərində aparılan işlər və 16 may tarixində komitədə geniş müzakirəyə çıxarılmış üçüncü oxunuş layihəsinə edilən bəzi dəyişikliklər haqqında məlumat vermək istərdim. Altı ay, yəni ikinci oxunuşdan keçən müddət ərzində biz müzakirə vaxtı millət vəkilləri tərəfindən verilən təkliflər üzərində çox ciddi işləmişik. Fazil Mustafa, Mübariz Qurbanlı, İqbal Ağazadə, Pənah Hüseyn, Qənirə Paşayeva, Əli Əhmədov, Fəzail Ağamalı, Azay Quliyev, Gülər Əhmədova, Əli Məsimli, Vahid Əhmədov, Aynur Quliyeva, Asəf Hacıyev, Hüseynbala Mirələmov, Zahid Oruc, Nizami Xudiyev, Elmira Axundova, Məlahət İbrahimqızı, Fəzail İbrahimli, Nəsib Nəsibli, Asim Mollazadə və digər millət vəkillərinin adını xüsusi qeyd etmək istəyir və onların diqqətinə çatdırıram ki, təklif və rəylərini üçüncü oxunuşa təqdim olunan layihədə, əsasən, nəzərə almışıq. Bu müddət ərzində hörmətli millət vəkilləri, bizə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, qeyri-hökumət təşkilatları, siyasi partiyaların bir neçəsi tərəfindən rəsmi rəylər daxil olmuş və biz onlara da çox diqqətlə yanaşmışıq. Təkliflərin əksəriyyəti qanun layihəsində bu və ya digər formada öz əksini tapmışdır.
Üç gün bundan əvvəlki müzakirədən sonra da layihəyə bəzi dəyişikliklər edilmişdir. Mən burada onu da xüsusi qeyd etmək istəyirəm ki, təhsil naziri cənab Misir Mərdanovun təklifi ilə də bir neçə maddədə dəyişikliklər aparmışıq. Qanun layihəsinin 20.2, 20.4-cü maddələrində redaktə xarakterli bir sıra dəyişikliklər aparmışıq. Eyni zamanda, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin təklifi ilə Əsas Anlayışlar bölməsində, demək olar ki, tam dəqiqləşmələr aparmışıq. Onun irəli sürdüyü təkliflər qanun layihəsinin müvafiq maddələrində mümkün olduğu qədər nəzərə alınmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təklif etdiyi iki yeni bənd Təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid maddədə nəzərə alınmışdır. Maliyyə Nazirliyinin bir çox müvafiq təklifləri qanun layihəsində öz əksini tapıbdır. Vergilər Nazirliyinin 14.3-cü maddə ilə bağlı təklifini də nəzərə almışıq. Digər adını çəkmədiyim bir çox təhsil işçilərinin, ekspertlərin, orta məktəb müəllimlərinin, hörmətli rektorlarımızın da hamısının dəyərli olan təklifləri nəzərə alınmışdır. Mən tam məsuliyyətlə sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün sizə təqdim olunan qanun layihəsi ilə bağlı Azərbaycan Respublikasının heç bir qurumunun, yəni nazirlik, komitə, komissiya və ayrı-ayrı ekspertlərin iradı yoxdur. Biz onların bütün təklif və rəylərini nəzərə almışıq.
Qanun layihəsinə Milli Məclisin çox səriştəli hüquqşünasları tərəfindən bir daha baxılıbdır. Belə demək mümkündürsə, hüquqi sənəd tamamilə rəndələnib, – mən istəməzdim belə gurultulu sözlər deyəm, – müasir tələblərə, dünya və Avropa standartlarına cavab verən, bu gün dünya təhsil məkanında baş verən bütün prosesləri özündə ehtiva edən, ən başlıcası isə təhsil sahəsində ölkə Prezidentinin irəli sürdüyü bütün vəzifələri və siyasəti əsas tutan bir səviyyəyə çatıbdır.
Sonuncu müzakirədə millət vəkilləri, müvafiq təşkilatların – nazirliklərin, komitələrin nümayəndələri iştirak etdilər. Geniş diskussiyadan sonra yekdil bir qərar qəbul olundu ki, Təhsil haqqında qanun layihəsi üçüncü oxunuş Milli Məclisin müzakirəsinə çıxarılsın. Mən sizə bir daha göstərdiyiniz dəstəyə, verdiyiniz təkliflərə görə minnətdarlığımı bildirir və hörmətli millət vəkilləri, hamınızı bir daha bu layihəyə səs verməyə dəvət edirəm. Bundan sonra, bilirsiniz ki, biz sahə qanunları qəbul edəcəyik. Bu isə təhsilin, əgər belə demək mümkündürsə, əsas qanunu, yəni konstitusiyasıdır. Bu qanunun qəbul olunması səhə qanunları üçün çox geniş bir üfüq açacaq. Biz, yəqin ki, yaxın gələcəkdə həmin qanunları sizin müzakirənizə çıxaracağıq. Artıq bütün məsələlər ardıcıl surətdə, mexanizmlər göstərilməklə öz əksini tapacaqdır. Bir daha hamınıza təşəkkürümü bildirir və diqqətinizə görə çox sağ olun deyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Bu, üçüncü oxunuşdur. 28 millət vəkili çıxışa yazılıb. Yaxşı, suallarınızı verin. Astan Şahverdiyev.
A.Şahverdiyev. Oqtay müəllim, çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, bu gün müzakirəyə çıxarılan qanun nəinki Milli Məclisdə, ayrı-ayrı komitələrdə, eyni zamanda, Azərbaycan ictimaiyyəti, təhsil sferasında işləyən insanlar tərəfindən müzakirə olunubdur. Burada artıq son nəticə məlumdur. Mən təklif edirəm ki, layihə üçüncü oxunuşda səsə qoyulsun.
Sədrlik edən. Danışdıq əvvəldən ki, sualı olanlara söz verəcəyəm. Abel Məhərrəmov, buyurun.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Doğrudan da, artıq təqdimat məruzəsini də dinlədik. Əgər bu gün layihəni birbaşa üçüncü oxunuşda səsə qoysaq, 15 illik bu müzakirəyə son qoyacağıq və bunun qəbulu tarixə düşəcəkdir. Mən təklif edirəm ki, müzakirəsiz 15 illik müzakirəyə bu gün bir nöqtə qoyaq, qanun layihəsi birbaşa səsə qoyulsun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən bizim dostlarımızın, millət vəkillərinin həyəcanını başa düşürəm. Çox uzun müddətdir ki, bu qanun layihəsi müzakirə olunur. Hesab edirəm ki, qanun səsə qoyulmağa və qəbul edilməyə hazırdır. Ancaq iki məsələyə xırdaca qeydimi demək istəyirəm. Birinci budur ki, 5.9-cu maddədə yazılır: “Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir”. Mən çox istərdim ki, “xaricdə yaşayan azərbaycanlılara” yox, “Azərbaycan Respublikasından kənarda yaşayan azərbaycanlılara” olsun. Çünki bizim güneydə yaşayan soydaşlarımız xaricdə deyillər, öz tarixi torpaqlarında yaşayırlar. Gürcüstanda ev-eşiyi olan azərbaycanlılar da öz tarixi torpaqlarında yaşayırlar. Ona görə də “Azərbaycan Respublikasının sərhədlərindən kənarda yaşayan azərbaycanlılar” ifadəsi bütün hamısını əhatə edir. Bu bir.
İkinci, buradakı bəzi terminlər barədə. Əvvəl də demişdik, ancaq yenə qalıbdır. “Kampus”, “distant”, “nostrifikasiya”, “rezidentura”, “təhsil françayzinqi” və sairi deyəndə dilimiz sınır. Xahiş edirəm, axtarın, bu dil mütəxəssisləri, alimlər ondan ötrüdür ki, bizim dilimizdə olmayan sözlərin qarşılığını tapsınlar. Məsələn, “kampus” “düşərgə şəhərciyi”, yaxud “təhsil köyləri” kimi gedə bilər. Niyə “köy” deyilməsin? Qədim dilimizdən gələn sözdür.
Üçüncü, Misir müəllimin burada olmağından istifadə edərək, bir şey də deyim. Test Azərbaycan təhsilinin nailiyyətlərindən biridir. Amma bu testlərin həm sual, həm də cavablarının tərtibinə diqqət yetirmək lazımdır. Elə məsələlər qoyulub ki, orada 4 sualın 4-ünün də cavabı düzdür. Məsələn, yazılır ki, “Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının səbəbləri nə idi?” 4 cavab belədir: 1. “SSRİ-nin zəifləməsi” 2. “Azərbaycanda milli hərəkatın inkişafı” 3. Ermənilərin işğalı və sair. Baxırsan, 4 cavabın hamısı düzdür. Amma buna nə cür cavab verilsin? Mən yaşlı adam, deyək ki, müəyyən təcrübəsi olan adam o testlərə baxıram, cavabı seçməkdə çətinlik çəkirəm. Testlər o qədər aydın olmalıdır ki, 4 variantdan biri suala cavab verməlidir. Yarımcavablar orada öz əksini tapmamalıdır. Bunlar mənim xırda qeydlərimdir.
Bütövlükdə hesab edirəm ki, bu qanunla bağlı yayılan söz-söhbətlərin ciddi əsası yoxdur. Qanun kifayət qədər mütərəqqidir və Azərbaycan təhsilinin inkişafına xidmət edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Suala yazılanların təkidi var? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Oqtay müəllim, mən Sizi hərdən tənqid edərdim, indi görürəm ki, yox, Siz burada xeyli adamdan demokratiksiniz. Həqiqətən, belədir, demokratiksiniz.
Hörmətli millət vəkilləri! Burada suallar nəyi isə tənqid etməyə görə deyil, bu qanunun mükəmməl olması üçündür. Hörmətli komitə sədri Şəmsəddin müəllimin, doğrudan da, deyilənləri izah etməsi lazımdır, çünki bəzi mühüm məsələlər var ki, ictimaiyyət məlumatlanmalıdır. Birinci, 19.5-ci maddə, hörmətli Şəmsəddin müəllim, Sizin yanınızda müzakirə olundu, amma hər halda burada da məlumat verməliyik. Yazılır: “ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, onun bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Bilirsiniz ki, bizdə ümumi təhsil 9 illik və 11 illik müəyyən edilmişdir. Onu artırmaq təklifləri var idi. Amma qanunvericilikdə çox mühüm dəyişiklik üçüncü oxunuşa buraxılan layihədə odur. Ümumiyyətlə, bu məsələ götürülüb. İndi bizdə komitədə müzakirə zamanı dedilər ki, ola bilsin, gələcəkdə biz 11 illiyə keçək. Kim ona təminat verir? Ümumi orta təhsili 6-cı sinfə keçirə bilərlər. Bu elə bir mühüm məsələdir ki, kateqoriyasına görə qanunla müəyyən olunan ümumi qaydalara daxildir. Niyə bu məsələ çıxarılıb? Bunun məqsədi nədir, əsaslandırılması nədən ibarətdir?
İkinci sualım 26-cı maddə ilə bağlıdır. Bilirsiniz ki, tələbə qəbulu cəmiyyəti maraqlandıran məsələdir. 26-cı maddənin adı belə gedir: “Ali və orta peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları”. Maddəyə diqqətlə baxsanız, burada yalnız bakalavr mərhələsi, bir də orta peşə-ixtisas təhsili müəssisələrinə – texnikuma daxil olanlar tələbə hesab olunurlar. Magistraturaya və doktoranturaya daxil olanlar tələbə hesab edilmir. Eyni zamanda, göstərilir ki, tələbələr yalnız müsabiqə yolu ilə qəbul edilirlər. Belə çıxır ki, artıq magistraturaya və doktoranturaya müsabiqə yolu ilə qəbul edilmirlər. Nəyə görə bunu deyirəm? Bu, çərçivə sənədidir. Hansı sahədə qanun qəbul olunacaqsa, bu çərçivə sənədindən çıxış edərək olunacaq. Niyə magistraturaya və doktoranturaya qəbul qaydasının müsabiqə yolu ilə aparılması bura daxil edilməyib? Niyə test sistemi anlayışı bura daxil edilmir? Mən də narahatam ki, təhsil mafiyası deyilən bir qrup bunu ləğv etmək istəyir. Buradakı təhsil işçilərinə qətiyyən aid deyil, amma hər halda belə bir söhbət gedir. Bu faktdır.
Üçüncü sualım. Burada 1.0.49-cu maddədə yazılıb: “təhsil müəssisələrinin muxtariyyəti”. Bütün dünyada təhsil müəssisələrinin muxtariyyəti qanunla müəyyən edilir.
Sədrlik edən. Cümləni bitir, ürəyin soyusun.
P. Hüseyn. Təhsil müəssisələrinin muxtariyyəti icra hakimiyyətinin verdiyi müstəqillik kimi müəyyən edilir. Halbuki bu, qanunvericilik yolu ilə müəyyən edilir. Bu çox ciddi məsələlərdir. Çox istərdim, bu məsələlərə aydınlıq gətirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Bu suallara özüm də cavab verə bilərəm. Bir neçəsini cavablandırmışıq. Lazımdırsa, Şəmsəddin müəllim qısa cavab versin, sonra səsə qoyaq. Buyurun, Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Mən ikinci oxunuşda bir məsələyə toxunmuşdum. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bizdə natamam orta təhsil, yəni 9-cu sinfə qədər təhsil var idi. Ümumi orta təhsil isə 11-ci sinfə qədər idi. İndi biz yerlərini dəyişmişik. Natamam orta təhsilin adını ümumi orta təhsil, ümumi orta təhsilin adını isə tam orta təhsil qoyuruq. Əslində, bu, söz oyunudur. Konstitusiyanın 42-ci maddəsinin tələbini kobud surətdə pozuruq. Əvvəl ümumi orta təhsil alan şəxs birbaşa ali məktəbə sənəd verə bilirdi. Xalq bu Konstitusiyaya mərhum Prezident Heydər Əliyevin dövründə səs verib ki, ali məktəbə qədər olan təhsil pulsuzdur və icbaridir. İndi biz bundan imtina edirik. Bu, Konstitusiyanın kobud pozulmasıdır. Mən istərdim, Şəmsəddin müəllim bu məsələyə aydınlıq gətirsin ki, 9-cu sinfə qədər olan natamam orta təhsil nə idi, ümumi orta təhsil nə idi? Bu sözlərin yerini dəyişməklə hansı nəticəyə nail oluruq? Sağ olun.
Sədrlik edən. Mən belə görürəm ki, qanunu təzədən müzakirə edəcəyik. Qüdrət Həsənquliyev bu qanunun bütün müzakirələrində iştirak edib. İndi burada yazılanların hamısını görürəm. Şəmsəddin müəllim, buyurun.
Ş. Hacıyev. Çox sağ olun, cənab Sədr. Mən millət vəkili Pənah Hüseynin sualları ilə bağlı demək istərdim ki, təqdim olunan qanun layihəsində icbari təhsilin müddəti 9 il müəyyənləşdirilib. Bayaq Qüdrət Həsənquliyev də dedi ki, guya natamam orta təhsil olub. Qüdrət müəllim, belə olmayıb. Orta məktəbin pillələri ilə bağlı nəzərinizə çatdırım ki, ibtidai təhsil olub, əsas təhsil olub və ümumi orta təhsil olub. Biz Konstitusiyanın heç bir maddəsini və tələblərini pozmadan Təhsil haqqında qanun layihəsində ilk dəfə olaraq tamamilə yeni, məqsədyönlü struktur pillələri müəyyənləşdirmişik. Bu, dünya təcrübəsinə tamamilə uyğundur.
O ki qaldı Pənah bəyin bəzi təşvişlərinə, bunun üçün də heç bir əsas yoxdur. Bu məsələ müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə daxil olan bir məsələdir. Əgər bu gün həmin orqan belə hesab edirsə ki, icbari təhsilin 11-ci sinifdən 10-cu sinfə endirilməsi məqsədəuyğundur, ola bilsin, sabah tamamilə başqa bir qərar qəbul olunsun. Şübhəsiz ki, bu qərar aşağı endirmək yox, əksinə, yuxarı qaldırmaq, yəni müddətin artırılması istiqamətində baş verə bilər. Dünya ölkələrinin əksəriyyətinin təcrübəsində 12 illik orta təhsil praktikası özünü doğruldub. Daha doğrusu, 4 + 5 və yaxud 4 + 6 + 2 modeli öz təsdiqini tapıb. Amma bu gün Azərbaycanda belə bir modelin tətbiq olunması qeyri-mümkündür. Sadəcə, götürün, bir il ərzində əlavə şagirdin təhsil alması üçün nə qədər maddi-texniki baza, kadr potensialı və sair məsələlər, eyni zamanda, təhsil proqramının dəyişdirilməsi baş verə bilər.
Əvvəlcədən irəliyə baxaraq, gələcəkdə qəbul edəcəyimiz bu qanunun digər qanunlara ziddiyyət törətməməsi üçün burada müddət göstərilməyib. Amma heç bir təşvişə, heç bir narahatçılığa mən əsas görmürəm. Çünki bu məsələ artıq bəlli məsələdir və lazımi qədər ictimai müzakirədən keçib, qəbul olunub.
Sədrlik edən. Çox sağ olun. Həmişə bunlar loru dillə səndən eşitmək istəyirlər, Şəmsəddin müəllim, 9-cu sinif nə deməkdir, 11-ci sinif nə deməkdir. Biz dəfələrlə demişik ki, 9-cu sinif icbari təhsildir. Bu qanun qəbul ediləndən sonra 9-cu sinif məsələsi yalnız 9 il sonra, yəni bu il 1-ci sinfə gedən şagirdlərə aid olacaq. 9 il ərzində hörmətli Təhsil Nazirliyi həm proqramlara baxacaq, həm də bu dövrdə dövlət peşə məktəblərini inkişaf etdirəcək və 9 il sonra bu qanun tamamilə həmin istiqamətdə işləyəcək. Bu məsələ bir dəfə deyilib. Belə getsə, bu Təhsil qanununu 2 il də müzakirə edəcəyik. Ona görə xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 107
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: qəbul edildi

Çox sağ olun. Təhsil qanunu qəbul olundu. Hamınızı təbrik edirəm! (Alqışlar.)
Keçək gündəliyin növbəti məsələsinə. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Azərbaycanın bütün təhsil ictimaiyyətini bu Qanunun qəbulu münasibəti ilə təbrik edirəm və hesab edirəm ki, bu gün qəbul olunan Qanun Azərbaycanın keyfiyyətli inkişafına xidmət edəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkənin ali maliyyə iqtisadi sənədi sayılan dövlət büdcəsi son illərdə Milli Məclis tərəfindən qəbul edilmiş “Büdcə sistemi haqqında” Qanun əsasında fəaliyyət göstərir. Bu Qanunun tətbiqi bir müddət Azərbaycanın maliyyə imkanlarının artmasına, Maliyyə Nazirliyinin fəaliyyətinin daha da təkmilləşməsinə öz təsirini göstərmişdir. Gündəliyə daxil edilmiş “Büdcə sistemi haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi Azərbaycan Respublikasının keyfiyyətli inkişafında dövlət büdcəsinin rolunun artmasına xidmət edir. Azərbaycanın iqtisadiyyatında baş verən sürətli dəyişikliklər, sosial yönümlü bazar iqtisadiyyatının qurulması obyektiv olaraq büdcə sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini də zəruri edir.
“Büdcə sistemi haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə və Azərbaycanın bir müstəqil dövlət kimi dayanıqlı və keyfiyyətli inkişafına əsaslanır. “Büdcə sistemi haqqında” Qanuna edilən dəyişikliklər mərkəzləşdirilmiş büdcə gəlirlərindən səmərəli istifadəni təmin etməyə, yerli orqanların fəaliyyətini daha səmərəli tənzimləməyə, onların məsuliyyətinin artmasına, bütövlükdə Azərbaycanın maliyyə sisteminin daha çevik, ahəngdar fəaliyyətinin təmin edilməsinə yönəldilmişdir.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan əlavə və dəyişikliklər mahiyyət və məzmun etibarilə büdcə prosesinin tərtibi, yenidən baxılması, təsdiqi, icrası və icrasına nəzarət üçün əhəmiyyətli xarakter daşıyır. Layihədə bir sıra maddələrdə həm məzmunca, həm də mahiyyətcə onun tətbiqi sahəsinə, icra, uçot, hesabat və nəzarət mexanizminə daha da çeviklik gətirən, bir hissəsi qanunvericilik texnologiyası baxımından, bir hissəsi isə redaktə xarakterli olan əlavə və dəyişikliklər edilmişdir.
İlk növbədə söhbət qanun layihəsinin “Qanunda istifadə olunan əsas anlayışlar”, “Büdcə təsnifatı”, “Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər” adlanan maddələrindən gedir. Təklif olunan əlavə və dəyişikliklərə əsasən qanun layihəsinin 18 maddəsində redaktə xarakterli dəyişikliklər nəzərdə tutulmuşdur.
Prinsipial dəyişikliklərdən biri “Ehtiyat fondları” adlanan 6-cı maddənin tamamilə yeni redaksiyada verilməsidir. Burada əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradılması öz əksini tapır.
Qanunun “Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi” adlanan 11-ci maddəsində dövlət büdcəsinin layihəsinin tərtibi prosesi və büdcə təqvimi ilə bağlı bir sıra düzəlişlər təklif edilmişdir ki, bunlar da müvafiq sənədlərin hazırlanmasını təmin edən icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və büdcə paketi ilə birlikdə təqdim edilən əlavə və dəyişikliklər zəminində təkliflərin verilməsi qaydalarını daha da dəqiqləşdirir.
Dəyişikliyə əsasən 11.8-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə olunur: “Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanlarının razılaşdırdığı formalara və cari il mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək müvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə təqdim edirlər”.
Bildiyiniz kimi, hazırda Azərbaycanda qanun qüvvəsinə malik olan müəyyən beynəlxalq müqavilələr və sazişlər də mövcuddur. Məsələn, “Hasilatın pay bölgüsü haqqında” Saziş Azərbaycanda qanuni qüvvəyə malikdir və bəzi vergi ödənişləri həmin Sazişə uyğun olaraq milli valyutada deyil, xarici valyutada ödənilir. Bunların ödənilməsi nəticəsində mübadilə məzənnəsinin dəyişməsi ilə əlaqədar xeyli fərqlər əmələ gəlir. Sözsüz ki, bu məsələlərin də mövcud büdcə qanunvericiliyində əks olunması boşluqların aradan qaldırılması nöqteyi-nəzərindən vacib məsələ idi. Belə bir müddəanın qəbul edilməsi, heç şübhəsiz ki, dövlət büdcəsinin icrasında vacib olan uçot məsələlərində xeyli təkmilləşdirməyə səbəb olacaqdır.
“Dövlət büdcəsinin icrası” adlanan 18-ci maddəyə yeni 18.5-ci maddə əlavə olunmuşdur ki, bu maddə də millət vəkillərinə paylanmışdır.
Başqa bir dəyişikliyə əsasən 19.2-ci maddəyə aşağıdakı tərkibdə dördüncü və altıncı abzaslar əlavə olunur: “Xarici valyutada dövlət büdcəsinə daxilolmalar hər hesabat ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətən rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir.
Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin nəticəsi kimi dövlət büdcəsinin müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks etdirilir, həmçinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığında nəzərə alınır.
Yenidən qiymətləndirmə nəticəsində yaranan qazanc və ya itki dövlət büdcəsinin kassa icrasına aid olunmur və bu Qanunun 16.1.1-ci, 16.1.16-cı, 6.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir”.
Bizim fikrimizcə, 23-cü maddədə edilmiş əlavə və dəyişikliklər də vacibdir. “Büdcə sistemi haqqında” Qanunun bu maddəsində söhbət ilk növbədə “Dövlət büdcəsi haqqında” Qanuna düzəlişlərin və dəyişikliklərin edilməsindən gedir. Əfsuslar olsun ki, bu məsələlərlə də bağlı mövcud qanunvericilikdə kifayət qədər boşluqlar var idi və bunu da aradan qaldırmaq lazım idi. Təklif olunan əlavə və dəyişikliklərə əsasən 23-cü maddə yeni redaksiyada verilir. Maddənin bəndlərinin sayı 5-dən 9-a çatdırılır. Qanun layihəsində dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin dəyişdirilməsi nəzərdə tutularkən müvafiq icra hakimiyyəti orqanının Milli Məclisə təqdim edəcəyi sənədlərin siyahısı öz əksini tapır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, “Büdcə sistemi haqqında” Qanun öz tarixi işini görmüşdür. Bu Qanunun tətbiqi nəticəsində Azərbaycan son illərdə öz maliyyə imkanlarını artırmış, Azərbaycanın dayanıqlı inkişafında dövlət büdcəsinin rolu artmışdır. Lakin cənab Prezident tərəfindən təqdim olunan inkişafın yeni mərhələsinə çıxmaq üçün, dövlət büdcəsinin rolunu artırmaq üçün, qloballaşan dünya iqtisadiyyatı şəraitində baş verən arzuolunmaz meyilləri aradan qaldırmaq üçün Qanun öz müsbət təsirini göstərəcəkdir.
Mən məlumat üçün bildirmək istəyirəm ki, Milli Məclisin İqtisadi siyasət komitəsində hörmətli maliyyə nazirinin iştirakı ilə keçirilən iclasda bir sıra təkliflər də səsləndi və onların da gələcəkdə nəzərə alınması öz müsbət nəticəsini göstərəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Doğrudan da, “Büdcə sistemi haqqında” Qanun ətrafında hörmətli həmkarım Ziyad müəllim çox geniş, aydın, açıq, gözəl bir məruzə etdi. Bu məruzədən sonra tapıb deməyə elə bir söz də yoxdur. Qanunun özündə də bunun aşkarlığını veribdir. Arayışda hər şey göstərilib. Burada istər redaktə xarakterli, istərsə də verilmiş təkliflərin hamısı yerindədir və lazımlı təkliflərdir. Bu təkliflər “Büdcə sistemi haqqında” Qanundakı boşluqları aradan qaldırır. “Büdcə sistemi haqqında” Qanuna edilən əlavə və dəyişikliklərin hamısı bir-birindən səmərəli, bir-birindən yaxşı, lazımlı təkliflərdir. Elə bilirəm ki, hörmətli deputat həmkarlarım da fikirlərini deyəndən sonra səsə qoya bilərik. Mən də buna səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə olunanda fikirlərimizi demişik. Faktiki olaraq, bu gün Milli Məclisin səlahiyyəti çox genişdir. Yalnız iki məsələdə Milli Məclisin deputatları öz fikirlərini deyirlər, nəyəsə nail olmağa bəlkə də imkanları çatır. Bu da, əsasən, Büdcə sistemi haqqında qanun layihəsinin və Azərbaycan hökumətinin hesabatı məsələsi ilə bağlıdır. Digər qanunlara biz o qədər də müdaxilə edə bilmirik. Bu gün bizə verilən dəyişikliklər, faktiki olaraq, Milli Məclisin səlahiyyətlərini müəyyən qədər azaldır. Bu səlahiyyətlər barədə biz komitədə geniş danışmışıq, suallarımızı vermişik.
Mən bu gün 4-cü maddə ilə əlaqədar iki məsələni burada səsləndirmək istəyirəm. Büdcə təsnifatı qanunvericilikdə həmişə əksini tapıb. Bu nəyə görə lazımdır? Millət vəkilləri regionları təmsil edən insanlardır. Onlar büdcə təsnifatında olan funksional, iqtisadi, təşkilati məsələləri bilməlidirlər. Nəyə görə biz bu gün bunu qanunvericilikdən çıxarıb müvafiq icra hakimiyyəti orqanına veririk? Burada məqsəd nədən ibarətdir? Bu, millət vəkillərinə ona görə lazımdır ki, büdcə müzakirə olunanda biz həmin sənədləri görək. Biz həmin sənədlərin üzərində həmişə işləyirik.
İkinci məsələ 23-cü maddə ilə əlaqədardır. 23-cü maddənin 2-ci hissəsinə görə dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri hissəsinə təzədən baxanda biz həmişə Hesablama Palatasının rəyini alırdıq. Nəyə görə indi bu qanundan Hesablama Palatasının rəyi çıxarılıb? Burada oturan 125 millət vəkilindən büdcəni faktiki 4–5 adam oxuyur. Qalan millət vəkillərinin, ümumiyyətlə, iqtisadiyyatla əlaqədar səviyyələri o qədər də yüksək deyil. Ona görə də onlar Hesablama Palatasının rəyini alıb oxuyanda orada bəzi məqamlar aydın olur. Hesablama Palatasının rəyinin buradan çıxarılmasının nə əhəmiyyəti var? Hesablama Palatasının rəyi qalsın. Mən belə hesab edirəm ki, 23.2-ci maddə necə varsa, elə də qalmalıdır, rəy saxlanılmalıdır. Hesablama Palatası öz rəyini verməlidir, millət vəkilləri baxmalıdır, oxumalıdır və ondan sonra öz fikirlərini iclasda söyləməlidirlər.
Ümumi götürəndə, əlbəttə, mən başa düşürəm, maliyyə böhranı gedir, çevik siyasət aparmaq lazımdır. Bu dəyişikliklərin biz tərəfdarıyıq. Amma mən xahiş edirəm ki, hər iki məsələyə münasibət bildirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Mənim qaldırdığım məsələni hörmətli Vahid müəllim qaldırdı. Mən də 4.2-ci maddə haqqında danışmaq istəyirdim. Çünki bizim qanunvericilikdə son dövrdə bir məsələ ənənə halını alıbdır. Bizim qanunlar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydalarla müəyyənləşdirilir, yaxud həll edilir. Bu da ölkənin qarşısıalınmaz şəkildə, sistemli şəkildə qanunlarla yox, icra hakimiyyətinin normativ sənədləri ilə idarə olunmasına meyil etməkdən xəbər verir. Hesab edirəm ki, bu çox zərərli məsələdir. Bunun nə üçün edildiyinin məqsədi göstərilməlidir, əsaslandırılmalıdır. Hörmətli Ziyad müəllimin çıxışında biz bunu görmədik.
Eyni ilə Hesablama Palatasının rəyi məsələsinə qayıtmaq istəyirəm. Bunun təşəbbüskarının kim olduğunu bilmirəm. Çünki keçən il “Büdcə sistemi haqqında” Qanunda belə bir dəyişiklik edildi ki, rüblük hesabatlara Hesablama Palatası rəy verməlidir. Doğrudur, Milli Məclisə müvafiq icra hakimiyyəti orqanı bu vaxta qədər heç bir rüblük hesabat təqdim etməyib və Milli Məclis də onu müzakirə etməyib. Bu məlumdur. Milli Məclisi sayan, yada salan yoxdur. Milli Məclisin deputatları da bu məsələ ilə maraqlanmırlar, hesab edirlər ki, pul-para işlərinə icra hakimiyyəti özü baxmalıdır. Bu aydındır. Amma bir daha təkrar edirəm, nə üçün “Hesablama Palatası ona rəy verir” sözləri keçən dəfə Hesablama Palatasının sədrinin təşəbbüsü ilə çıxarılmışdı? Bu da məlum deyil. Çünki bunun da səbəbi var. Əgər rəy yoxdursa, Hesablama Palatası nəyə rəy verməlidir? Eyni əməliyyatı indi də burada müşahidə edirik. Hesablama Palatası istər-istəməz orada ən azı qanunun müvafiq normal müddəalarına əsaslanaraq, hansısa məsələlərə toxunmalıdır. Ya Hesablama Palatası özü bu məsələlərə toxunmaq istəmir, yaxud da onun rəyi, iqtisadçı dili ilə, iqtisadçı təfəkkürü ilə desək, yüksək iqtisadi maraqlara, müəyyən kölgəli cəhətlərə işıq salır. Mən də hörmətli Vahid müəllimə təşəkkür edirəm. O, iqtisadçıdır və professional şəkildə bu məsələyə toxundu. Eyni ilə bu təşəbbüsü müdafiə edirik. Ən azı bu məsələyə ciddi və əsaslı şəkildə hörmətli Ziyad müəllimdən cavab tələb edirik.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün ardıcıl olaraq biz “Büdcə sistemi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Banklar haqqında” Qanuna əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Hörmətli Sədr, mən bir daha Məclisin və Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu üç qanun layihəsi İqtisadi siyasət komitəsində çox geniş və dəqiq müzakirə olunmuşdur. Bu qanunların bir-biri ilə əlaqəli cəhətləri də var və onların üzvi surətdə əlaqələndirilməsi, tamamlandırılması məsələsinə də diqqət yetirilmişdir. Mən bunu komitənin iclasında da dedim, sevindirici haldır ki, həm komitədəki müzakirədə, həm də bu gün burada müvafiq icra hakimiyyəti orqanlarının birinci şəxsləri, onların birinci müavinləri də bu müzakirələrdə iştirak etmiş, müvafiq suallara qənaətləndirici cavablar ver- mişlər. Komitənin tələbləri başqa, Milli Məclisin tələbləri başqadır. Bəzi hörmətli deputatlar tərəfindən burada məsələlər qaldırıldı.
Biz bu vaxta qədər qanuna əlavə və dəyişikliklər olanda fikrimizi bildiririk. Bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırılıb, biz də buna münasibət bildirməliyik. Bu da ümumi işin xeyrinədir. Amma çox nadir hallarda bəzi deputatlar həmin əlavə və dəyişiklikləri vaxtında təklif edirlər. Bu əlavə və dəyişikliklər bu gün müzakirəyə daxil olubsa, komitədə geniş müzakirə olunubsa, Milli Məclisin müzakirəsinə tövsiyə olunubsa, elə bir qəbahət, nöqsan, qüsur yoxdursa, ümumi işimizin xeyrinədirsə, hesab edirəm ki, bu qanunu səsə qoyub qəbul etmək olar. Bəzi layihələr haqqında müəyyən fikirlərim var. Ola bilsin ki, sonrakı müzakirələrdə mən də fikirlərimi bildirim. Mən təklif edirəm ki, səsə qoyaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, mən də öz münasibətimi bildirmək istəyirəm. “Büdcə sistemi haqqında” Qanun, həqi- qətən də, yüksək səviyyədə hazırlanıb. Xanhüseyn müəllim dedi, təkrarçılığa yol vermək istəmirəm. Mən də xahiş edi- rəm ki, bu məsələni səsə qoyaq və səs verək.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, mən səhv etmirəmsə, bu qanun layihəsi müvafiq icra hakimiyyəti tərə- findən, yaxud Prezident tərəfindən Milli Məclisə göndərilir. Buyurun.
Z. Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hörmətli həmkarlarıma təşəkkürümü bildirirəm. Verilən suallar, təkliflər maraqlıdır. Ancaq xatırlatmaq istəyirəm ki, Hesablama Palatasının rəyi ilə əlaqədar qanun layihəsində heç bir məhdudlaşdırmaya yol verilmir.
“Dövlət büdcəsi haqqında” Milli Məclisin 2001-ci ildə qəbul etdiyi Qanunun 23.2-ci maddəsini mən oxuyuram: “Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məslisi qarşısında dövlət büdcəsinə yenidən baxılması barədə məsələ qaldırıla bilər. Bu zaman dövlət büdcəsinin icrasının vəziyyəti barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi olmalıdır”. Yeni qanun layihəsində isə bu maddə genişləndirilir və Hesablama Palatasının rolu daha da artırılır. Yeni qanun layihəsinin 23.6-cı maddəsində yazılır: “Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət büdcəsinin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi olmalıdır”. Əksinə, burada daha iki variantda, yəni təsdiq edilmiş göstəricilərdən 20 faiz, yaxud 30 faiz az olduqda da Hesablama Palatasının rəyi olmalıdır. Sizə təqdim edilən qanun layihəsinin 23.6-cı maddəsində bu məsələ öz əksini tapmışdır.
Cənab Sədr, mən məlumat vermək istəyirəm. Siz dəfələrlə büdcə haqqında məsələ müzakirə edilərkən bizə, o cümlədən şəxsən mənə tövsiyə etmişdiniz ki, “Büdcə sistemi haqqında” Qanuna baxın, məsləhətləşmələr aparın. Artıq neçə vaxtdır ki, bu məsləhətləşmələr İqtisadi İnkişaf Nazirliyi ilə, Vergilər Nazirliyi ilə, hökumətin müvafiq şöbəsi ilə aparılır. Burada edilən dəyişikliklər beynəlxalq standartlara cavab verir.
4-cü maddədə büdcə təsnifatından söhbət gedir. Büdcə təsnifatı ilə əlaqədar cənab Prezidentin fərmanında bu məsələlər çox açıq-aşkar göstərilir. Çünki büdcə təsnifatının o qədər maddələri var ki, bu maddələrin hamısının qanuna salınması “Büdcə sistemi haqqında” Qanunu daha da şişirdərdi. Burada dövlətin ali iqtisadi sənədi o qədər mürəkkəb, o qədər müxtəlif pillələrdən keçir ki, bu qanun da yalnız şəffaflığa xidmət edəcəkdir. İqtisadi siyasət komitəsinin və digər komitələrin tam səlahiyyəti var ki, hər il rübün nəticəsindən asılı olaraq, büdcə ilə əlaqədar məsələləri müzakirə etsin.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 102
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illərdə Azərbaycanda iqtisadi islahatların hüquqi bazası təkmilləşir, Vergi Məcəlləsinin qəbulu ilə Azərbaycanın maliyyə-bank, vergi sistemində, idarəetmə sistemində, dövlət quruculuğunun təkmilləşməsi istiqamətində böyük işlər görülmüşdür. Ölkənin maliyyə imkanlarının genişlənməsində Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların yerinə yetirilməsi böyük əhəmiyyət kəsb etmişdir. Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti Vergi Məcəlləsinin prinsiplərini əsas tutur, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında ciddi problemlərlə üzləşmir. Bütövlükdə Vergilər Nazirliyinin və digər iqtisadi qurumların fəaliyyəti dövlət büdcəsinin gəlirlərlə əlaqədar olaraq proqnozlarının uğurla yerinə yetirilməsini təmin edir.
Lakin Azərbaycan iqtisadiyyatının daha sürətli və keyfiyyətli inkişafı Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsini obyektiv zərurətə çevirir. Sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi mədəniyyətinin yüksəldilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemində beynəlxalq təcrübədən istifadə olunması vacib şərtlərdəndir. Ona görə də Vergi Məcəlləsində yuxarıdakıları nəzərə almaqla dəyişikliklərin edilməsinə ehtiyac vardır.
Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər, heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatında baş verən pozitiv meyilləri, meydana çıxan problemləri nəzərə almışdır və İqtisadi siyasət komitəsi müvafiq qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmağı məqsədəuyğun saymışdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə nəzərdə tutulan 46 əlavə və dəyişikliyin edilməsi barədə müzakirənizə təqdim olunan qanun layihəsi aşağıdakı istiqamətləri əhatə edir: vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması ilə bağlı 19 dəyişiklik, vergi inzibatçılığının müasirləşdirilməsi ilə bağlı 16 dəyişiklik, vergi nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar 7 dəyişiklik, redaktə xarakterli 4 dəyişiklik.
Vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması məqsədi ilə Məcəlləyə təklif olunan dəyişikliklər, əsasən, vergi yükünün aşağı salınmasına, hüquqi şəxslər və fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsinə xidmət edir.
Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 59.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən vergilərin vaxtında ödənilməməsinə görə faizlər bir ildən çox olmamaq şərti ilə bütün ötmüş müddətə tətbiq ediləcəkdir. Bildiyiniz kimi, hazırda vergi borclarına görə faizlər illər üzrə məhdudiyyət qoyulmadan hesablanırdı ki, bu da bəzi hallarda vergi ödəyicilərinin ağır maliyyə vəziyyəti ilə müşahidə olunurdu. Qanun layihəsinə görə, gələn ildən vergi borclarına görə hesablanan faizlərin maksimum müddəti bir il olacaqdır.
Son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək haqqının dinamikasında müsbət meyillər güclənmişdir. Bununla bərabər, Azərbaycan hökuməti hesab edir ki, bir sıra sahələrdə işçilərin və onlara verilən əmək haqlarının düzgün rəsmiləşdirilməsini təmin etmək məqsədi ilə inzibati tədbirlər, stimullaşdırıcı addımların atılması da öz müsbət rolunu oynaya bilər. Belə təkliflərlə İqtisadi siyasət komitəsinin üzvləri dəfələrlə çıxış etmişlər. Bu məqsədlə Vergi Məcəlləsinin 101-ci maddəsində edilən dəyişikliyə görə fiziki şəxslərin gəlir vergisinin maksimum dərəcəsinin 35%-dən 30%-ə endirilməsi nəzərdə tutulur. Nəticədə fiziki şəxslərin 2000 manatdan çox gəlirlərindən 35% yox, 30% vergi tutulacaqdır ki, bu da pul gəlirlərinin artmasını təmin etməklə yanaşı, əmək haqlarının leqallaşdırılmasına şərait yaradacaqdır.
Hüquqi şəxslərlə fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinə yeni 101.3-cü maddənin əlavə olunması təklif edilir. Həmin maddəyə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20% dərəcə ilə vergi tutulacaqdır.
Ölkə daxilində sahibkarlığın inkişafının təşviq edilməsi, respublikanın investisiya cəlbediciliyinin artırılması, müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Vergi Məcəlləsinin 105.1-ci maddəsinə təklif olunan dəyişikliklə mənfəət vergisinin dərəcəsinin 22%-dən 20%-ə endirilməsi nəzərdə tutulur.
2004-cü ildən hökumət mənfəət vergisinin dərəcəsinin optimallaşdırılması məqsədi ilə bu verginin dərəcəsinin aşağı salınması istiqamətində mərhələli addım atma siyasətini həyata keçirir. Millət vəkilləri bu siyasətin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun saydılar.
Qanun layihəsində vergi bəyannamələrinin təqdim edilməsi müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər də öz əksini tapmışdır. Nəzərdə tutulur ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən əlavə dəyər vergisi ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri ödəmə mənbəyindən tutulan vergilər barədə rübdə bir dəfə deyil, ildə bir dəfə vergi orqanlarına hesabat təqdim edəcəklər.
Millət vəkillərinə məlumdur ki, Vergilər Nazirliyi sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son illər xeyli iş görülmüşdür. Nazirlikdə vergi bəyannamələrinin artıq elektron sistemlə, yəni İnternet vasitəsilə təqdim edilməsi həyata keçirilir ki, bu da vergi nəzarətinin təkmilləşdirilməsinə imkan yaratmışdır. Qanun layihəsinə görə, sahibkarlar həmin bəyannamələri əvvəlki kimi rübdə bir dəfə deyil, ildə bir dəfə təqdim etməklə öz vergilərini ödəyəcəklər.
Qanun layihəsinə görə, 218.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilir: “Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150 min manat və ondan az olan hüquqi şəxslər, həmçinin 90 min manat və ondan az olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir”.
Beləliklə, bu dəyişiklik nəticəsində sadələşmiş vergi ödəyicisi olmaq hüququna malik olan hüquqi şəxslərin əhatə dairəsi genişləndirilir. Vergilər Nazirliyinin məlumatına görə, komitə də bunu təsdiq edir, bu dəyişiklikdən sonra artıq Azərbaycan sadələşmiş verginin tətbiq dairəsinə görə dünyada ən aparıcı mövqeyə çıxır. Heç şübhəsiz ki, belə bir dəyişiklik ölkədə sahibkarlığın dəstəklənməsi istiqamətində atılan növbəti addımlardan biridir.
Növbəti dəyişiklik ƏDV qeydiyyatına alınmaq üçün vergi tutulan əməliyyatların həcminin müəyyənləşdirilməsi ilə bağlıdır. Həmin dəyişikliyə əsasən 3 aylıq dövrün ardıcıl 12 aylıq dövrlə əvəz olunması həm bu sahədə mövcud problemlərin aradan qaldırılmasına, həm də beynəlxalq təcrübəyə əsaslanaraq təklif olunmuşdur.
Vergi inzibatçılığının sadələşdirilməsi və inzibatçılıqda müasir informasiya texnologiyalarından istifadənin gücləndirilməsi məqsədi ilə elektron vergi hesab fakturaların tətbiqi ilə əlaqədar Vergi Məcəlləsinin müvafiq müddəalarına əlavə və dəyişikliklər təklif olunmuşdur. Bu dəyişikliklər qəbul edildikdən sonra satılan mallara, göstərilən xidmətlərə görə vergi hesab fakturalarının göndərilməsi elektron formada İnternet vasitəsilə həyata keçiriləcəkdir.
İqtisadi siyasət komitəsinin iclasında hörmətli deputat həmkarlarım – Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, Xanhüseyn Kazımlı Vergi Məcəlləsinə əlavə və dəyişiklik barədə qanun layihəsini dəstəklədiklərini bildirməklə yanaşı, bir sıra təkliflərlə də çıxış etdilər. Belə ki, millət vəkilləri tərəfindən fiziki şəxslərdən gəlir vergisinin yuxarı plankasının 3 min manata qaldırılması, mənfəət vergisinin və əlavə dəyər vergisinin dərəcəsinin mərhələlərlə aşağı salınması təklif olundu.
Müzakirə zamanı belə bir fikir də səsləndi ki, belə dəyişikliklərin aparılması, ilk növbədə, ciddi hesablamalar tələb edir. Hazırda Vergilər Nazirliyi və Maliyyə Nazirliyi İqtisadi siyasət komitəsi ilə birlikdə bu barədə müəyyən məsləhətləşmələr aparır. Çünki vergi dərəcələrində aparılan hər hansı bir dəyişiklik dövlət büdcəsinin daxilolmalarına bilavasitə təsir göstərir. İqtisadi siyasət komitəsi hesab edir ki, respublikanın dinamik və keyfiyyətli inkişafı, habelə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artması gələcəkdə qeyd olunan təkliflərin reallaşmasına müsbət təsir edəcəkdir. Bir daha İqtisadi siyasət komitəsi adından bildirmək istəyirəm ki, Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, vergi yükünün aşağı salınması, vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi daxilolmalarının artımına da müsbət təsirini göstərəcəkdir.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən razılıq hissi ilə bildirmək istəyirəm ki, İqtisadi siyasət komitəsinin ötən iclasında bir-biri ilə əlaqəsi olan üç qanun layihəsi müzakirə olundu. Həm “Büdcə sistemi haqqında” Qanuna, həm Vergi Məcəlləsinə edilən dəyişikliklər, həm də Mərkəzi Bankın fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olan təkliflər bütövlükdə Azərbaycanda aparılan iqtisadi islahatların sistemli olmasından xəbər verir. Mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çıxışa yazılanlardan təkid edənlər var? Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli millət vəkillərinin vaxtını çox almadan Mərkəzi Bankın fəaliyyətinin genişləndirilməsinin və Vergi Məcəlləsinə edilən dəyişikliklərin müzakirəyə verilməsinə bir neçə cümlə ilə diqqəti cəlb etmək istəyirəm. Birincisi, keçən dəfə müzakirə olunanda da bu məsələ irəli sürüldü. Sözün doğrusu, bir çox kreditorlar və yaxud kredit alanlar, müəyyən sahibkarlar, ümumiyyətlə, iqtisadi işlə məşğul olanlar arasında son dövrdə bir narahatlıq yaranıb. Bu nədən ibarətdir? Bir sıra banklar kreditlərinin verilməsinin və yaxud onun ödəncinin, əvvəlki dövrlərdən fərqli olaraq, həm milli valyutada, həm də xarici valyutada təsbit olunmasını tələb edirlər. Müqavilələr də belə imzalanır. İndi konkret olaraq, Mərkəzi Bank haqqındakı maddədə, səhv etmirəmsə, 33.3-cü maddədən kreditin yalnız milli valyuta ilə verilməsi haqqında müddəa götürülür. Bu niyə görə narahatlıq yaradıb?
Bilirsiniz ki, Azərbaycan valyutası, həqiqətən, hələ ki, analoqu olmayan bir valyutadır və bu bizim iqtidarpərəst ideoloqların çox sevdiyi sözdür. O, analoqu olmayan bir dirəniş göstərir, inad göstərir və hələ ki, öz qiymətini saxlamaqda davam edir. Bunun üçün neftdən gələn valyutadan nə qədər vəsait sərf olunduğunu mütəxəssislər bilirlər. Təxminən biz də bilirik. Bilirsiniz ki, hər ay 10 milyonlarla valyuta xərclənir. Aydın məsələdir ki, bu, sonsuz olaraq davam edə bilməz. Bu nə vaxtsa qurtarmalıdır. İndi bankların bu cür müqavilələr imzalaması qanunvericiliyə həm ziddir, həm də dalbadal hər iki qanun layihəsindən əməliyyatların yalnız milli valyuta ilə aparılması haqqındakı müddəaların götürülməsi, açığı, bu cür narahatçılıqlar üçün kifayət qədər əsas yaratmış olur.
Mən çox istəyirəm ki, bayaq hörmətli Sədrin dediyi kimi, hörmətli Ziyad müəllim elmi, akademik dildə yox, loru dildə, yəni sadə dildə, Azərbaycan vətəndaşının başa düşəcəyi, anlayacağı bir tərzdə narahatlıq üçün əsas olub-olmadığını aydınlaşdırsın. Çünki səhv etmirəmsə, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə görə Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi yalnız Azərbaycan manatıdır, milli valyutadır. İndi kredit sisteminə bu cür dəyişikliklər edildikdən sonra kreditin ödənilməsi məsələsi də gündəmə gəlir. Bu necə olacaq? Konstitusiyanın müvafiq maddəsi ilə necə uzlaşdırılacaq?
İkinci məsələ Vergi Məcəlləsi barədədir. Sözün açığı, biz özümüz sahibkar deyilik. Yenə bu işlə məşğul olanlar bilirlər ki, “vahid pəncərə” məsələsi ortalığa gələndən sonra birmənalı şəkildə korrupsiyanın müəyyən sahələrdə kökü kəsilibdir. Xüsusən hüquqi şəxslər vasitəsilə aparılan əməliyyatlar nəticəsində dövlət büdcəsinə daxilolmalar qat-qat artıb. Bu, müsbət haldır. Heç kəs bunun əleyhinə deyil. Amma əvəzinə nə baş veribdir? Müəyyən əməliyyatlar var ki, onlar həmin vahid pəncərə sistemi ilə əhatə olunmur, məsələn, bizim Sabirabad rayonunun bir çox kəndlərində işıq pulu kimi yığırlar. Məsələn, sayğac olmasına baxmayaraq, deyirlər ki, ayda 10 manat verəcəksən. İstədiyin qədər işlət, hansı cihazdan istifadə edirsənsə, et və sair. 10 manat, 15 manat, 20 manat verməlisən. O baxır kəndə. İndi Vergi Məcəlləsinə edilən dəyişikliklərə baxdım. Məsələn, gəlirlər, deyirlər, sənin bu qədər dövriyyən var, misal üçün, 10 manat, 5 manat verəcəksən. Özün də dinmə, danışsan, 6 manat edirlər.
İndi hörmətli Sədr deyəcək ki, bunu sübut etmək lazımdır, küçə söhbətlərinə baxmaq olmaz və sair. İndi biz burada müstəntiq deyilik, təhqiqat aparmaq imkanımız da yoxdur. Bizim hörmətli deputatlarımız da sahəyə bələddirlər. Elə onların özlərinin nəzarət etdiyi sahələrdə də son aylarda vergi orqanları tərəfindən dəhşətli dərəcədə bu cür xərac yığılması halları güclənibdir.
Hörmətli vergi nazirinin nümayəndəsi burada olacaq. Deyim ki, bu da uzun müddət davam edə bilməz. Çünki bir çoxları artıq boğaza yığılıb, öz obyektlərini bağlamağa başlayıblar. Bu məsələyə aydınlıq gətirilməlidir. Əks təqdirdə, qeyd etdiyimiz kimi, bizim Sabirabadda camaatın işığını kəsirlər. Əhali bunu əvvəl başa düşmür. Elə bilir, yaxşı bir şeydir. Eləcə də dövlət büdcəsinə gələn pulların kökü kəsildi. Bu cür primitiv ibtidai üsulla vergi tənzimlənməsini həyata keçirmək olmaz. Bu, Azərbaycan iqtisadiyyatına dəhşətli bir zərbədir. Bunun korrupsiya cinayəti olduğunu bir tərəfə qoyuram. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, görünür, loru dil məsələsindən çox xoşun gəldi. Amma dedin ki, Azərbaycan manatı dirənib durur, eləcə də Azərbaycan krizisə qarşı da dayanaqlıdır, duruş gətirir. Buna sevinmək lazımdır, bunu niyə şübhə altına alırıq? Mən hesab edirəm ki, Ziyad müəllim Pənah bəy deyən kimi loru dildə cavab versin, bu məsələni səsə qoyaq.
Z. Səmədzadə. Təşəkkür edirəm. Yəqin ki, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər barədə danışarkən bu haqda ətraflı məlumat verəcəyəm. Ancaq bildirmək istəyirəm ki, bu gün Azərbaycan vətəndaşlarının depozitləri həm valyuta ilə, həm də manatla cəlb edilib. Hörmətli Elman müəllim İqtisadi siyasət komitəsinin iclasında da çıxış edəndə dedi ki, məsələnin belə qoyuluşu məzənnənin dəyişməsi ilə əlaqədar bizim itirdiyimiz itkilərlə bağlıdır. Lazım olarsa, indi Milli Bank məsələsi müzakirə olunanda onu deyərəm.
Vergi Məcəlləsində olan dəyişikliklər Azərbaycanda vergi mədəniyyətinin təkmilləşməsinə, inzibatçılığın təkmilləşməsinə, vergi yığımının daha sanballı həyata keçirilməsinə şərait yaradıb. Biz 16 ildir ki, müstəqil dövlətik. 1996-cı ildə mərhum Heydər Əliyev büdcə məsələsini müzakirə edərkən keçmiş vergilər nazirinə sual verdi ki, biz sabah camaata maaş verə biləcəyik, yoxsa yox? Son 10 ildə Azərbaycanda heç bir belə problem yoxdur. Çətin bir şəraitdə dünya standartlarına uyğun gələn bir vergi sistemi yaradılıb. Problemlər də ola bilər, incikliklər də ola bilər. Baxın, görün, Rusiyada və digər ölkələrdə vergi ödəyicilərinə hansı sanksiyalar tətbiq olunur? Ona görə mən birmənalı şəkildə bir iqtisadçı kimi bildirmək istəyirəm, lap loru dildə desəm, bu Vergi Məcəlləsi ildən-ilə təkmilləşir və bu da Azərbaycanın gələcəyinə xidmət edir. Ona görə səsə qoyaq.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
Lehinə  100
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsi birmənalı şəkildə Azərbaycanda iqtisadi islahatların aparılmasında önəmli yer tutan Mərkəzi Bankın fəaliyyətinin daha da təkmilləşməsinə, onun pul-kredit siyasətinin həyata keçirilməsində rolunun artmasına, eyni zamanda, bütövlükdə iqtisadi inkişafda rolunun artırılmasına yönəlmişdir. Xatırlayırsınızsa, cənab Prezident Nazirlər Kabinetinin iclasında qloballaşan maliyyə böhranı şəraitində Azərbaycanda pul-kredit siyasətinin sabitliyindən, manatın dönərliyinin qorunmasından danışarkən Milli Bankın fəaliyyətini müsbət hal kimi qiymətləndirdi. Həqiqətən də, dünyanın bir çox ölkələrində pul-kredit siyasətində baş verən ziddiyyətlər, əhalinin sosial müdafiəsinə zərbə vuran tədbirlər Azərbaycanda özünü göstərmədi. Bu da, heç şübhəsiz ki, cənab Prezidentin tapşırığına əsasən Mərkəzi Bankın, hökumətin apardığı düşünülmüş iqtisadi siyasətin, pul-kredit siyasətinin nəticəsidir.
Qanun layihəsində aşağıdakı dəyişikliklər nəzərdə tutulur. Birincisi, 7-ci maddədə “Milli Bank” sözləri “Mərkəzi Bank”la əvəz olunur. Bu, 7-ci maddəyə edilən dəyişiklikdir. 16-cı maddədə dəyişiklik redaktə xarakteri daşıyır. 33-cü maddədəki dəyişikliyi hörmətli həmkarımız Pənah bəy dedi. Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş idarələrinə verilir. Amma təklif olunur ki, “yalnız milli valyutada (manatla)” sözləri çıxarılsın. “Milli valyutada” sözlərinin çıxarılması o demək deyil ki, Azərbaycanda iqtisadiyyatın dollarlaşdırılmasına geniş imkanlar verilir. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və Azərbaycan əmanətçiləri, Azərbaycan vətəndaşları öz depozitlərini həm milli valyutada, həm də xarici valyutada qoyurlar.
Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edə bilər. Bu çox maraqlı bir məsələdir, yeni bir məsələdir. Biz xaricdən borc alırıq, amma Mərkəzi Bankın kifayət qədər aktivləri var ki, həmin aktivlər real sektorun inkişafına, Azərbaycan Prezidentinin, hökumətinin müəyyən etdiyi strateji proqramlara yönəldilə bilər. Mən bir iqtisadçı kimi bildirmək istəyirəm ki, Mərkəzi Banka bu səlahiyyətlərin verilməsi müsbət nəticəsini verəcəkdir. Artıq Elman müəllim Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bir-iki fakt göstərdi. Alüminium sənayesi çox ağır vəziyyətdədir və bunu hamı bilir. Onu bu vəziyyətdən çıxarmaq üçün kreditlər vermək lazımdır. Bəzi xarici təşkilatlar bu kreditləri verərkən çox ağır şərtlər tələb edirlər. Əgər Mərkəzi Bankın imkanı varsa və bu imkanları Milli Məclis ona verirsə, təbii ki, bu bizim iqtisadiyyatımız üçün real sektorun divertifikasiyası üçün çox lazımdır.
Mərkəzi Bank və İqtisadi siyasət komitəsi birmənalı şəkildə bildirir ki, bu dəyişikliklər real sektorun inkişafında Mərkəzi Bankın rolunun artmasına xidmət edəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Tahir Rzayev buyursun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputat həmkarlarım, Ərazi vahidlərinin və inzbati ərazi dairələrinin Dövlət Reyestri ilə Füzuli rayonunun ərazi bölgüsündəki yer adları arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ölkə Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına uyğun olaraq, məcburi köçkün və qaçqınlar üçün onların yaşayış şəraitlərinin yaxşılaşması məqsədi ilə 2003-cü ildə Füzuli rayonunun “Haramı” adlanan sahəsində 11 qəsəbə salınmış və işğal altında olan kəndlərin məcburi köçkünləri bu qəsəbələrdə məskunlaşmışlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11 №-li “Qayıdış qəsəbəsi” adlandırılan həmin qəsəbələr “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 01.09.2004-cü il tarixli Qanuna uyğun olaraq rayonun ərazi vahidləri sırasına daxil edilmiş və həmin qəsəbələrin beşi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsinin, altısı isə İkinci Haramı qəsəbə inzibati dairəsinin tərkibinə daxil edilmişdir.
Beş ilə yaxındır ki, hər bir qəsəbədə inzibati ərazi dairəsi fəaliyyət göstərir və həmin qəsəbələrin hər birində bələdiyyələr yaradılmışdır. Sizə təqdim olunan bu qanun layihəsi mövcud uyğunsuzluğun aradan qaldırılmasını, yəni 2-ci, 3-cü, 4-cü və 5-ci Qayıdış qəsəbələrinin Birinci Haramı qəsəbəsinin, 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci Qayıdış qəsəbələrinin isə İkinci Haramı qəsəbəsinin tərkibindən ayrılaraq mövcud olan 11 Qayıdış qəsəbəsinin hər birində qəsəbə inzibati ərazi dairəsi yaradılmasını nəzərdə tutur. Bu qanunla Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi və İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi mövcud olaraq 1 nömrəli Qayıdış və 6 nömrəli Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılır.
Qanunun müzakirəsi ilə əlaqədar lazım olan bütün sənədlər toplanmışdır və Regional məsələlər komitəsinin iclasında müzakirə edilmişdir. Qanun layihəsi sizin müzakirənizə verilir və səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Növbəti məsələ Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqındadır. Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov, buyurun.
R. Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Təqdim olunmuş layihədə qeyd olunur ki, Hacıqabul rayonunun Abdulyan kəndi Abdulabad kəndi adlandırılsın. Bu məsələ ilə əlaqədar kənd ictimaiyyətinin ümumi yığıncağının, bələdiyyənin və Hacıqabul Rayon İcra Hakimiyyətinin müvafiq qərarları var. Onlar Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilib Abdulabad qoyulması ilə əlaqədar Milli Məclisə müraciət etmişlər. Milli Məclisin Toponimiya komissiyası da müraciətə baxmış və öz rəyini vermişdir. Ondan sonra Regional məsələlər komitəsində bu məsələyə baxılıb və Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Deputat həmkarlarımdan xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm cənab Sədr. Bilirsiniz ki, bu qanun layihəsi barədə əvvəllər də Milli Məclisin iclasında müəyyən müzakirə aparılmışdı. Sözün doğrusu, qanun layihəsinin təşəbbüsçüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olması mənim üçün çox təəccüblü oldu. Çünki bir qayda olaraq bu cür adlarla bağlı məsələlər hörmətli Arif Rəhimzadənin sədr olduğu komitənin təşəbbüsü kimi irəli sürülürdü. Mən təəccüb elədim, yəni bu o qədər mühüm bir məsələdir ki, cənab Prezident tərəfindən imzalanıb və bura göndərilib?
Hörmətli Sədr, hörmətli deputatlar, şəxsən mənim üçün bu kəndin adının Abdulyan, yoxsa Abdulabad olmasının elə bir fərqi yoxdur. Bunun kənd camaatı üçün fərqi vardır. Mənə gələn məktubun əvvəlinə baxmışam. Milli Məclisin Sədri hörmətli Oqtay müəllimə də, Prezident Administrasiyasına da çoxsaylı kənd sakininin imzası ilə müraciətlər edilmişdir. Bunların hamısında göstərilirdi ki, həmin kənddə ümumi yığıncaq keçirilməyib və kənd camaatının ümumi yığıncağının adından göndərilən protokol saxtadır. Həmin kənd mənim anadan olduğum Sabirabad rayonunun Qaraqaşlı kəndinə bitişik bir kənddir. Camaatını da tanıyırıq, xeyli qohumlar, tanışlar var. Bu məsələ ilə bağlı mənə müraciət edilməsinin bir səbəbi də budur.
Əvvəla, heç cür başa düşmürəm ki, bu məsələlərdə niyə belə saxtakarlığa yol verilsin? Prinsip etibarilə istər icra hakimiyyəti, istərsə də bu məsələdə maraqlı olan şəxslər gedib həmin kənddə insanları inandıraydılar ki, kəndin adı bir qədər başqa cür səslənir. Hərçənd ki, mən bunu əcaib hesab edirəm. Belə çıxır ki, biz Salyanın, Şilyanın, Qazyanın da adlarını dəyişməliyik. Bilirsiniz, bu paranoyyadan qurtarmaq lazımdır. Burada Ermənistanda anadan olmuş və oradakı coğrafi adları bilən xeyli insan var. Orada, ümumiyyətlə, “yan”la qurtaran adlar çox azdır. Bir Sisyan rayonu var, o da əzəli, əbədi türk torpağıdır. Deyirlər ki, ora general Sisyanovun adını qoyublar. Orada kert, cermux – bu cür adlar var. Yəni “yan”, “an” şəkilçilərinin ermənilərə bağlanmasını heç bir halda qəbul eləmək olmaz. Bu kəndin camaatına da ağır gələn budur ki, kəndin adı ona görə dəyişdirilir ki, ola bilər, burada nə isə erməni faktoru var, ya da bu kənddə erməni yaşamışdır və sair.
Mənə sənədlər təqdim edilib, mən hörmətli komitə sədrinə də bunları təqdim eləmişəm. Bu kəndin adının XVI əsrdən Abdulyan olması haqqında məlumatlar var. Sonra çar Rusiyası dövrünün arxiv sənədlərində də bu kəndlə bağlı tarixi faktlar və hadisələr var. Hər şey bir tərəfə, hörmətli Arif müəllim bir dəfə burada dedi ki, Xalq Cəbhəsi hakimiyyəti dövründə bu məsələ qaldırılıb, qəbul olunmayıb. Sonra, səhv eləmirəmsə, 1990-cı illərin sonlarında da bu məsələ Milli Məclisdə rəsmən qaldırılıb, qərar çıxarılıb, rədd olunub. Elə sadə məsələ idisə, bir daha təkrar edirəm, indiyə qədər qəbul olunardı. Təbii ki, bu, respublika Prezidentinin imzası ilə göndərilib. Mən elə hesab etmirəm ki, çıxış etməyimlə, yaxud hansısa faktları çəkməyimlə, dəlillər gətirməyimlə bunun qarşısını almaq mümkündür.
Amma sizin diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. İnsanların tarixi ilə, anadan olduğu, duyğularıyla bağlı olduğu adlarla ehtiyatlı olmaq lazımdır. Xüsusi bir ehtiyac olmadan bunları dəyişmək doğru deyil. Mən bir dəfə kənd camaatına dedim, bu ad kiminsə xoşuna gəlməyib. İpək Yolunun üstündə işarə qoyublar, “Abdulyan” yazıblar. Bu da vəzifəli şəxslərdən kiminsə xoşuna gəlməyib, məsələ qaldırıblar, Prezident səviyyəsinə çıxarıblar. Ona görə də mən tarixi həqiqət naminə və camaat qarşısında mənəvi borcdan çıxaraq bu çıxışı eləməyi lazım bildim. Bir daha təkrar edirəm, – burada güman da yoxdur, qərar da, təbii ki, məlumdur, – bu cür saxtakarlıq faktları, qanunun aliliyinin pozulması, insanların rəyinin nəzərə alınmaması kütləvi hal almaqda davam edir. Hesab edirəm, buna son qoyulmalıdır. Mən heç bir siyasi, iqtisadi əhəmiyyəti olmayan məsələlərdə bu yolu tutmağı yolverilməz hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Yəqin ki, Sizin sualınızı cavablandıracaqlar. Amma mən bir şeyi deyim. Onların ixtiyarları var ki, Prezidentə də müraciət eləsinlər, Milli Məclisə də, komitəyə də. Prezident öz hörmətini göstərib, sənədlərə baxıb, tapşırıb, bura göndərib. Necə yəni Prezidentdən gəlir? Prezident qanunvericilik təşəbbüsü hüququna malikdir. Müraciət ediblər, bura göndərib. O ki qaldı vəzifəli şəxs məsələsinə, o bizim millət vəkili olub. Bir dəfə Aydın Mirzəzadə dedi ki, orada “Abdulyan kəndi” yazılıb, yəqin, onu nəzərdə tutursunuz. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu məsələyə normal yanaşdım və hesab edirəm ki, müəyyən adların dəyişdirilməsi mümkündür. Amma məni maraqlandıran bir məsələyə toxunmaq istəyirəm. Bunun vaciblik məsələsi necə müəyyən olunur? Məsələn, Hacıqabul rayonunda bir kəndin adı dəyişilir, amma dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, Bakının mərkəzində, Sabunçu rayonunun Pirşağı qəsəbəsində 2 №-li sovxoz deyilən bir yaşayış massivinin adının dəyişdirilməsinə hələ də nail ola bilmirik. Burada 10 minə yaxın adam yaşayır, ayrıca infrastrukturu var. Bu mənim üçün maraqlıdır, bəlkə biz mərkəzdən başlayaq, daha vacib yerləri gündəmə gətirək. Ölkədə sovxoz qalmayıb, bu nə deməkdir? Hakimiyyətin xoşuna gələn istənilən adı tapın, verin ora. Bu adın dəyişdirilməsi vacibdir. Xahiş edirəm, bu məsələni diqqətdə saxlayasınız. Orada yaşayan insanlar da nə qədər müraciət edirlərsə, hələlik müsbət nəticə yoxdur. Birinci, Bakıdan başlayaq, sonra ucqar kəndlərdə nə qədər adlar var, dəyişək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Arif müəllim, 2 №-li sovxoz müraciət eləyib? Müraciət varsa, baxılar. Qanunla, mövcud qaydada müraciət eləsinlər, komitədə baxılar. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Sağ olun. Cənab Sədr, toponimlərin adlarının dəyişdirilməsi çox dəqiq şəkildə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla tənzimlənir. Qanuna görə toponimlərin dəyişdirilməsi ilə əlaqədar mütləq müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Sonra, birinci, Toponimiya komissiyasına müraciət olunur. Müsbət rəy alınandan sonra Prezident Administrasiyasına müraciət olunur və oradan bizə müvafiq sənəd gəlir. Bunun başqa yolu yoxdur. Kimsə burada deyirsə ki, komitənin rəyi ilə adlar dəyişdirilir, bu, düzgün deyil. Bunun ardıcıllığı var, qanunda dəqiq yazılıb.
Deyirlər ki, Abdulyan kəndinin adı niyə dəyişdirilir? Şəxsən mən də istəməzdim ki, bu, dəyişsin. Bu adın ermənilərlə əlaqəsi yoxdur, fars mənşəli bir toponimdir. Bizdə belə toponimlər çoxdur. Ancaq əhali israrla bu məsələnin üstündə durub, dəfələrlə müraciət edib. Nəzərdə tutulan qaydada sənədləri də təqdim ediblər. Belə şəraitdə bu dəyişiklik qəbul olunmalıdır. O ki qaldı 2 №-li sovxozun adının dəyişdirilməsi məsələsinə, komitəyə belə bir təklif daxil olmayıb. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, hörmətli cənab Sədr. Əlbəttə, Arif Rəhimzadənin bir komitə sədri kimi, deputat kimi peşəkarlığına çox böyük hörmətim var. O həmişə qaldırılan məsələyə özünün peşəkar münasibətini birmənalı şəkildə ifadə eləyib. Lakin mən artıq onuncu ildir, Fazil Qəzənfəroğlunun qaldırdığı məsələnin analogiyasına uyğun olan bir məsələni qaldırıram. Ramanı südçülük sovxozunda 5 mindən yuxarı insan yaşayır, orada mindən yuxarı ev var. Bu, inzibati cəhətdən özündən balaca bir qəsəbəyə tabe etdirilib. Nə torpağı bəllidir, nə də yeri. Torpağını satıblar, dağıdıblar, orada əhaliyə heç 5 sot torpaq payı da verilməyib. İndi Abşeron rayonunun ixtiyarındadır, bir az qayda-qanun yaratmağa çalışırlar. Lakin yenə də problemlər mövcuddur.
Sualım bundan ibarətdir. Çox hörmətli Arif müəllim, məgər bunu komitə iclasının gündəliyinə xüsusi bir məsələ kimi salmaq olmazmı? Olmazmı ki, yerlərdən insanları, bələdiyyə üzvlərini, icra nümayəndələrini dəvət edəsiniz və məsələyə birdəfəlik nöqtə qoyasınız. Mən istəmirəm, məsələləri kəskinləşdirəm, lakin demək istəyirəm ki, araşdırmalarıma görə, bu cür məsələlər tək-tək adamların korporativ maraqlarına görə bu günə qədər uzadılır. Çünki orada onun böyük təsərrüfatı var, böyük torpaq sahəsi var. Ramanıda camaatdan o torpaq sahəsini alıb daş karxanası yaradıblar. Yaxşı, yaratmısan, Allah canına sağlıq versin, amma heç olmasa, bu məsələni inzibati cəhətdən həll etmək lazımdır ki, bu adam ehtiyac olanda lazım olan yerdən arayışını alsın. Arif müəllim, mümkündürmü, heç nəsiz, tapşırıq olmadan müvafiq adamları dəvət etməklə bunu xüsusi məsələ kimi komitə iclasının gündəliyinə salasınız ki, nəhayət, bu cür hallara Azərbaycanda, xüsusilə Bakıda son qoyulsun? Sağ olun.
Sədrlik edən. Fəzail müəllim, Arif müəllim bu suala cavab verdi. Bələdiyyəsi var, əhalisi var, ağsaqqalı var, müvafiq qaydada qanunvericiliyimizə uyğun sənədi hazırlayıb versinlər, Arif müəllimə tapşıraq. Bu təklif onlardan gəlməlidir. İclas keçirsinlər, sənəd hazırlasınlar, həll eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi mən deyirəm, proseduru yumşaldırıq. Sənədləri gətirin, mənə verin. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Təbii ki, bu məsələ mənim təmsil olunduğum komitədə müzakirə edildiyi üçün öz fikrimi bildirmək istərdim. Həmkarlarımın çıxışından belə qənaətə gəlmək olur ki, Regional məsələlər komitəsinin vəzifələri, funksiyaları kifayət qədər aydın deyil. Söhbət nədən gedir? Regional məsələlər komitəsi nə ad dəyişdirir, nə ad qoyur, nə də yeniləşdirir. Mən bu tribunadan bəlkə beşinci dəfədir eyni məsələni deyirəm, amma çox təəssüf ki, eyni xarakterli çıxışlarla üz-üzə qalırıq.
İlk təşəbbüs yerli əhali tərəfindən rayon icra hakimiyyətinə verilir. Təbii ki, rayon icra hakimiyyəti bilavasitə Milli Məclisə yox, Prezident Administrasiyasına müraciət edir. Prezident Administrasiyasında bu məsələ müzakirə olunur və Prezidentin imzası ilə təsdiq olunandan sonra Milli Məclisə göndərilir. Bizim komitəyə gələnə qədər məsələ Toponimiya komissiyasında müzakirə olunur. Burada dilçi, tarixçi alimlər kifayət qədər sözünü deyir, məqsədəuyğundursa, adı qəbul edirlər. Artıq Milli Məclisin Regional məsələlər komitəsinin vəzifəsi ondan ibarət olur ki, göndərilən sənədlər qaydasındadır, yoxsa yox, burada problem var, yoxsa yox? Əgər bütün bunlar qaydasındadırsa, iş normaldırsa, qəbul etməməyə haqqı yoxdur. Bu, məsələnin hüquqi tərəfi.
İkinci, bilmirəm, “Abdulyan” sözünün dəyişdirilib “Abdulabad” qoyulması məsələsi niyə mübahisə yaradır? Əgər “Abdulabad”ın adı “Abdulyan” qoyulsaydı, bu, kifayət qədər müzakirə obyekti ola bilərdi. Hətta onun tarixi adı Abdulyan olsaydı, Abdulabadın dəyişdirilməsinə qarşı çıxardım.
Sizin başınızı ağrıtmayım, bir məsələni demək istəyirəm. Fransada 1946-cı il təvəllüdlü bir erməni yaşayır. Milyonerdir. Bundan müsahibə götürürlər və soruşurlar ki, sizin erməni kimi başqalarından fərqiniz nədir? Deyir ki, biz də insanıq, başqalarından fərqli deyilik, amma bizim digərlərindən bir fərqimiz tariximizdə genosidin olması ilə bağlıdır. Soruşurlar ki, sizin qarşınızda duran ən ümdə məsələ nədir? Deyir ki, genosidi dünyaya tanıtdırmaq. Onda sual verirlər ki, erməni dilini bilirsən? Cavab verir ki, yox. Ermənistanda olmusan? Yox. “Bəs sən necə ermənisən ki, milləti bu qədər sevə-sevə öz vətənində olmamısan?” sualını isə belə cavablandırır: “Mənim adımın sonluğunun “yan” olması bütün bu işləri görməyə kifayətdir”.
Ay qardaş, bu sonluq “yan”dır. Bu, millətə, kənd camaatına xəyanət deyil. Bəlkə də kəndin sakini bundan xəcalət çəkir. Biz “yan”ı dəyişdirib Abdulabad qoyuruq. Əgər kənd əhalisi bunu bu vaxta qədər gecikdiribsə, bu özü pis işdir. Bu gün qərara gəlinib. Deyirlər ki, rayon icra hakimiyyətinin protokolu saxtadır. Nə olur, dünya dağılır? Lap yaxşı işdir, gözəl əməldir, niyə bunu eləməyək? Mənə elə gəlir ki, burada nə vətənpərvərlik var, nə də qanunçuluq, bu bir insani məqamdır da, “yan”dan uzaq oluruq. Ona görə, Oqtay müəllim, bu məsələni səsə qoyaq, həmkarlarımız bu məsələyə nöqtə qoysunlar. Sağ olun.
Sədrlik edən. Çıxışlar oldu. İqbal Ağazadə, xahiş edirəm, sualınızı verin, çıxışa ehtiyac yoxdur.
İ. Ağazadə. Oqtay müəllim, mən Fəzail müəllimin xətrini çox istəyirəm, Milli Məclisdə də hamı bunu bilir. Amma hörmətli Fəzail müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, bu, “an” şəkilçisidir. İki sait yanaşı gəldiyinə görə ora “y” samiti əlavə olunub. Bu, fars dilində “lar”, “lər” – cəm şəkilçisidir, başqa bir şey deyil. İki saitin arasına “y” samitinin düşməsi erməni toponimi demək deyil.
Yerdən. (Eşidilmir.)
İ. Ağazadə. Necə? Abdulcan qoymayıblar, Abdulyan qoyublar. Abdullalılar qoyublar. Üzr istəyirəm, Tahir müəllim, deyirsiniz ki, “can” əlavə edəydilər, burada cəm şəkilçisindən söhbət gedir. Abdullalıların kəndi olub, ona görə də “an” əlavə ediblər. Bilirsiniz, biz bu şəkildə sona qədər dəyişməni nəzərdə tutsaq, 1993-cü ildə separatçılıqla məşğul olan bir sıra adamların Lənkəranın, Mərdəkanın, hətta Bakının adına qoyduğu, müəyyən etnik qruplarla, digər dillərlə bağladığı kifayət qədər ad var. Özümüz-özümüzdən niyə hürkürük?
Sədrlik edən. Siz sual vermək istədiyinizi dediniz, amma çıxış edirsiniz. Mən bir məsələni sizin diqqətinizə çatdıracağam, sonra da qanun layihəsini səsə qoyacağam. Götürün, 1903-cü ildə Rusiyada tərtib olunmuş Azərbaycanın coğrafi xəritəsinə baxın. O xəritədə Azərbaycanda, indiki Ermənistanda olan bütün coğrafi adlar var. Sonra o adları götürün, bugünkü xəritələrə baxın, görün, o rayonların adları nədir? Artıq şey demək istəmirəm. Niyə hər bir məsələyə, üzr istəyirəm, primitiv yanaşmaq istəyirik? Ad məsələsinə diqqət edin, xəritələrə baxın. Mən hesab edirəm ki, lazımi olan hər şey milliləşməlidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsidir. Arif Rəhimzadə buyursun.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Hörmətli deputatlar, Milli Məclisin müzakirəsinə verilən qanun layihəsində Naxçıvan Respublikasının bələdiyyələrinin birləşməsi nəticəsində yeni iri bələdiyyələrin yaradılması nəzərdə tutulur. 84 bələdiyyənin bazasında iriləşmiş 40 bələdiyyə yaradılacaqdır və bütövlükdə Naxçıvanda 171 bələdiyyə olacaqdır.
Cənab Sədr, etiraz eləməzsinizsə, mən ikinci layihə haqqında da məlumat verərdim. Bu, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na edilən düzəlişlərdir. Ancaq burada bir məsələ var. Siz bilirsiniz ki, bu ayın 9-da biz Naxçıvan şəhərinin inzibati ərazisinə Babək rayonunun bir neçə kəndini daxil etmişdik. Bu kəndlər indi birləşir, böyük bələdiyyələr yaradılır. Bulqan və Qaraçuq kəndlərini əhatə edən Qaraçuq bələdiyyəsinin, Hacıniyyət və Tumbul kəndlərinin bazasında Tumbul bələdiyyəsinin yaradılmasından söhbət gedir. Bu qanun layihəsində bu bələdiyyələr Babək rayonuna aid edilibdir. Halbuki biz ayın 9-da qərar qəbul etmişik və layihəni imzalanmaq üçün cənab Prezidentə göndərmişik. Biz ümid edirik ki, cənab Prezident bu layihəni imzalayacaq və qanun qüvvəyə minəcəkdir. Odur ki, burada texniki bir düzəliş təklif olunur, bu bələdiyyələri Babək rayonuna yox, Naxçıvan şəhərinə aid edək. Xahiş edirəm, bu iki qanun layihəsinin qəbul edilməsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəlki iclaslardan birində bələdiyyələrin birləşməsi ilə bağlı narazılığın səslənməsinin şahidi olmuşduq. Onda hətta müqayisə üçün Naxçıvan Muxtar Respublikasının adı da çəkilmişdi. Bu gün isə Naxçıvan Muxtar Respublikasında kiçik bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması həmin mübahisələrin və narazılığın nə qədər yersiz və haqsız olduğunu aydın şəkildə isbat edir.
Aşkar görünür ki, müstəqillik qazandıqdan sonra cəmiyyətimizdə baş verən yeni hadisələrdən biri olan bələdiyyə sahəsində artıq islahatların aparılması zamanın tələbidir. Məncə, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi ilə Naxçıvan Muxtar Respublikası bu cür islahatların nümunəsini təqdim edir. Komitə sədrinin verdiyi məlumatda da səsləndiyi kimi, 84 kiçik bələdiyyə əsasında 40 yeni bələdiyyənin yaradılması bələdiyyə idarəetməsinin təkmilləşməsinə, heç şübhəsiz ki, özünün töhfəsini verəcəkdir. Bu bələdiyyələr az təsərrüfatlı kəndlərdən ibarətdir və ərazicə bir-birilərinə çox yaxındır. Ona görə həmin bələdiyyələrin ayrıca, müstəqil fəaliyyət göstərməsi tamamilə mənasız bir məsələ idi.
Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsindəki müddəalar, düşünürəm ki, bələdiyyə idarəetməsinin daha da təkmilləşdirilməsinə, bələdiyyələrin nüfuzunun artmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir. Bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrin nüfuzunun qaldırılması ilə bağlı belə bir qanun layihəsinin meydana çıxması, məncə, seçkidə iştirak eləməyə marağı da artıracaqdır. Bütün bunlara görə mən Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqındakı qanun layihəsini əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi ilə bələdiyyə idarəetməsi sahəsində ciddi bir addım atılacaqdır. Düşünürəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının timsalında atılan bu addım Azərbaycanın digər regionlarında bələdiyyə işinin təkmilləşməsinə xeyir vermiş olar. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, cənab Sədr. Mən danışmaq istəmirdim, çünki hörmətli Arif müəllim məsələyə aydınlıq gətirdi. Xüsusilə Bulqan, Qaraçuq, Hacıniyyət və Tumbul kəndləri barədə danışdı. Çünki bu yaxınlarda biz bunları Naxçıvan şəhərinə verdik. Çox haqlı olaraq buna aydınlıq gətirdi. Bu kəndlərin hamısını bir-bir gəzmişəm və yaxşı tanıyıram. Hörmətli cənab Sədr, elə Aşağı Uzunoba və Yuxarı Uzunoba kəndlərini götürək. Hörmətli Ziyafət müəllim yanınızda oturub, Ziyafət müəllimin kəndidir. Əslində, ikisi bir kənddir. Sadəcə olaraq, birinin adında “aşağı”, o birinin adında “yuxarı” sözləri var. Hər yerdə bir bələdiyyə yaratmağa nə ehtiyac var? Ona görə də bunların birləşməsi məqsədəmüvafiqdir. Digər kəndlərdə də eyni məsələdir. Ona görə xahiş edirəm, səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, bunu artıq məruzə eləmək lazım deyil. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.33 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Arif Rəhimzadə buyursun.
A. Rəhimzadə. Hörmətli Sədr, mən o məsələ haqqında dedim, səsə qoymaq lazımdır. Birləşmə ilə əlaqədar siyahıda düzəlişlər edilir. Yeni bələdiyyələr yaradılır və biz siyahını təzələyirik.
Sədrlik edən. Səsvermə ayrı-ayrı keçirilməlidir, ona görə Sizə dedim. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.34 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi barədədir. Hadi Rəcəbli buyursun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Təxminən bundan bir ay öncə Milli Məclisin plenar iclasında Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi geniş müzakirə olunaraq birinci oxunuşda qəbul edildi. Layihə ətrafında 17 deputat həmkarım tutarlı arqumentlərlə, konstruktiv təkliflərlə çıxış etdilər və layihənin daha işlək olmasına öz layiqli töhfələrini verdilər.
Eyni zamanda, deputatlarımız qanun layihəsinin daha əhatəli, konkret və anlaşıqlı hazırladıqlarını vurğuladılar. Bütün çıxışlarda ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bədən tərbiyəsi və idmana xüsusi qayğı göstərdiyi bu sahənin maddi-texniki bazasının kəskin surətdə möhkəmləndiyi, idmançılarımızın böyük uğurları və onlara qayğı pozitiv notlarla və böyük məhəbbətlə qeyd edildi.
İcazə verin, fürsətdən istifadə edib deputat həmkarlarıma qanun layihəsinə verdikləri yüksək qiymətə və komitəmizin fəaliyyəti ilə bağlı dedikləri xoş sözlərə görə dərin minnətdarlığımı və razılığımı bildirim.
Ötən müddət ərzində qanun layihəsi işçi qrupunun dörd iclasında və komitənin iki iclasında geniş müzakirə olunub. Qanun layihəsi Bədən Tərbiyəsi və İdman Akademiyasının professor və müəllim heyətinin iştirakı ilə bu tanınmış tədris ocağında sətirbəsətir müzakirə olunub, komitəyə bir sıra dəyərli təkliflər və rəylər göndərilib. Həmin təkliflər layihənin mətnində nəzərə alınıb. Deputat həmkarımız, akademiyanın rektoru hörmətli Ağacan Abiyev layihənin daha da təkmilləşməsi üçün bütün müzakirələrdə yaxından iştirak edərək çox əhəmiyyətli fikirləri ilə bizə yaxından kömək etmişdir.
Qanun layihəsinin birinci oxunuşda müzakirəsində çox hörmətli deputat həmkarımız, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov layihənin “Büdcə sistemi haqqında” Qanuna uyğunlaşdırılması və sənəddə dövlətin maliyyə yükünün azaldılması məsələsinə diqqət yetirməyimizi tövsiyə etmişdir.
Komitəmizin üzvləri hörmətli Rauf Əliyev və Eyvaz Qurbanov qanun layihəsinin hazırlanmasında fəal iştirak etməklə yanaşı, idman lotereyasının qanunda öz əksini tapmasını və idmançı uşaqların yemək xərclərinin digər qrup uşaqlardan fərqləndirilməsini təklif etmişdilər.
Aqrar siyasət komitəsinin sədri hörmətli Eldar İbrahimov qanunun kənd əhalisi üçün çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq kənddə idmanın inkişafına təsir göstərə bilən müddəaların layihədə daha da genişləndirilməsini tövsiyə etmişdir.
Birinci oxunuş zamanı deputat həmkarlarım Tahir Rzayev, Aydın Həsənov, Eldar Quliyev, Ağacan Abiyev, Baba Tağıyev, İlham Məmmədov, Zahid Orucov, Əhməd Vəliyev, Məjlum Şükürov, Gövhər Baxşəliyeva, Pənah Hüseyn və digər dəvət olunan qonaqlar öz çıxışlarında bu qanun layihəsinin vacibliyini və konseptual cəhətdən böyük əhəmiyyətini xüsusi qeyd edərək, bəzi irad və təkliflərini də bildirmişdilər. Layihə ikinci oxunuşa hazırlanarkən, deputatlar tərəfindən səsləndirilmiş hər bir fikir diqqətlə təhlil edilmiş və onun layihədə nəzərə alınması imkanları hərtərəfli araşdırılmışdır. Eyni zamanda, işçi qrupu tərəfindən layihə dil baxımından sadələşdirilmiş, fikirlərin birmənalı və daha anlaşıqlı olması üçün müəyyən redaktələr edilmiş, bəzi müddəalar mövcud qanunvericiliyə uyğunlaşdırılmışdır.
Hörmətli deputat həmkarlarım, layihəyə edilmiş dəyişikliklərin hamısını sadalayaraq sizi yormaq istəmirəm, ona görə icazə versəniz, bir neçə məsələyə diqqətinizi yönəltmək istəyirəm. İlk növbədə onu söyləmək istəyirəm ki, qanun layihəsinin elə bir cümləsi, elə bir sətri yoxdur ki, orada orfoqrafik, stilistik, konstruktiv dəyişikliklər etməmiş olaq. Mən həmin düzəlişlərin kiçik və demək olar ki, çox az bir hissəsi haqqında sizə qısa da olsa, məlumat verməyi özümə borc bilirəm.
Layihədə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsiplərinin sayı on dörddən on ikiyə azaldılıbdır. Olimpiya hərəkatı haqqında maddələrin böyük əhəmiyyət kəsb etdiyini, eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bu hərəkatın daha da genişlənməsini əsas götürərək yeni variantda olimpiya hərəkatı ayrıca olaraq III fəsildə verilmişdir. Bu fəslə Milli olimpiya hərəkatı, Milli Olimpiya Komitəsi, Milli paralimpiya, Milli deflimpiya, Milli xüsusi olimpiya hərəkatları və onların müvafiq milli komitələri haqqında müddəalar daxil edilmişdir.
Ən ciddi dəyişikliyə məruz qalan 17-ci maddədir. Həmin maddə təhsil müəssisələrində bədən tərbiyəsi və idman məsələlərinə həsr olunmuşdur. Belə ki, 17.2-ci maddənin ilkin variantında bütün təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin həftədə məcburi olaraq dörd akademik saat, yəni iki qoşa saat tədrisi nəzərdə tutulurdu. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq bu müddəa layihədən çıxarılıb. 18-ci maddənin adı dəyişdirilərək, “Səhiyyə sistemində bədən tərbiyəsi və idman” adlandırılmışdır. Eyni zamanda, bu maddədə bir sıra texniki dəyişikliklər də edilmişdir.
Birinci oxunuşa təqdim olunan layihədən 20.1.2 və 20.4.3-cü maddələr digər maddələrlə təkrarlılıq yaratdığından mətndən çıxarılmışdır. Eyni zamanda, 22.6, 22.9-cu maddələr də qanun layihəsindən çıxarılmışdır.
Sizə təqdim olunan layihədə 22.8-ci maddə yeni redaksiyada verilmişdir. Belə ki, ilkin layihədə əgər Milli Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya Komitələrinə, onların yerli şöbələrinə yerləşdikləri binalardan, istifadə etdikləri qurğulardan və digər obyektlərdən güzəştlə istifadə etmək nəzərdə tutulurdusa, təqdim olunan layihədə bu maddə daha dəqiq və konkret yazılmışdır. Həmin maddədə deyilir: Milli Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya Komitələri, onların yerli şöbələri, idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri binalar üçün icarə haqqını ödəməkdən azad edilirlər. Bu çox ciddi maddədir. Amma mən hesab edirəm ki, bu müddəa bizim digər qanunlarda olduğundan, biz bu layihədə də onu ehtiva edə bilərik. Çünki bizim “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunda bu maddələr öz əksini tapmışdır. Mən hesab edirəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda balaca anlaşılmazlıq var idi və bu da həmin qanunla ehtiva olunduğundan biz bu maddəni burada ürəkli yaza bilərik.
Digər bir maddəni də əvvəlki qanundan olduğu kimi götürmüşük. Bu maddə ətrafında da mübahisələr var. 53.13-cü maddədə yazılır: “Ölkədə fəaliyyət göstərən olimpiya komplekslərinin nəzdində kompleksin imkan və şəraitlərinə uyğun olan, olimpiya idman növləri üzrə olimpiya hazırlığı mərkəzləri yaradılır və fəaliyyətləri təmin edilir”.
55-ci maddə ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bizim “Lotereya haqqında” Qanunumuz var, biz ona baxdıq. Biz bu maddəyə bir bənd əlavə eləməklə bir daha göstərmək istəyirik ki, idman lotereyasından istifadə eləmək olar. 55-ci maddənin adı belədir: “Bədən tərbiyəsi və idmanın maliyyələşdirilməsi”. Biz bu maddəyə “idman lotereyasının keçirilməsindən daxil olan vəsaitlər” sözlərini əlavə edirik. Beləliklə, biz idman lotereyasını bu müddəa ilə həm də rəsmiləşdiririk.
Layihəyə 57.2-ci maddə əlavə edilmişdir. Bu, milli yığma komandalarının hazırlığı ilə bağlı malların və texnikanın gömrükdən rüsumsuz keçirilməsi məsələsidir. Bunu əvvəlki qanunda olduğu kimi bura yazmışıq. Mən bilirəm ki, bunun ətrafında da mübahisə olacaq. Çünki bu müddəaların böyük əksəriyyəti Gömrük Məcəlləsi ilə tənzimlənir. Amma bizim köhnə qanunda olduğuna görə, biz bu müddəanı bura salırıq. Biz bu müddəanı ona görə ürəkli bura sala bilirik ki, bu, ancaq müvafiq icra hakimiyyəti orqanlarına, yəni dövlət qurumlarına aiddir, özəl bölmə, sahibkar heç vaxt bu imkanlardan istifadə edə bilməz. Bu baxımdan hesab edirəm ki, bu, düzdür.
Mübahisə doğuran bir məsələ də var. Bizim idman ictimaiyyətinin yaxından tanıdığı deputat həmkarlarımız var, onların təklifi ilə bu məsələyə bir daha baxmışıq. Bu gün sizə paylanan layihədə bunlar öz əksini tapmayıb. Nədir burada məsələ? Sosial müdafiə baxımından biz daha çox olimpiya oyunlarının qaliblərinə üstünlük vermişik. Qanun layihəsinin müddəalarının əksəriyyətində olimpiya oyunlarının qaliblərinin, olimpiya idman növlərində iştirak edən idmançıların imtiyazları yazılıb. Əlinizdə olan layihədə bu olmasa da, hesab edirəm ki, biz yollar tapa biləcəyik ki, idmanın başqa növlərində də birinci yeri tutan, qalib olanlara o imtiyazlar verilsin. Bu gün bu praktika Azərbaycanda var. Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev dühası bunu artıq təcrübədə göstərib və bu gün möhtərəm Prezidentimiz də ardıcıl şəkildə bunu davam etdirir. Əgər bu, praktik olaraq varsa, bunun qanuna salınmasında da heç bir narahatlıq olmamalıdır. Bunun maliyyə tutumundan da qorxmaq lazım deyil.
6.2-ci maddə yenidən işlənib. Həmin maddənin sonuncu abzasında yazılıb ki, idman çıxışlarını bitirmiş ali təhsili olmayan idmançılar (dünya və Avropa çempionatının qalibləri) dövlət ali təhsil müəssisələrində təhsil almaq hüququna malikdirlər. Hesab edirəm ki, bu da önəmli bir məsələdir.
Yadınıza gəlirsə, burada idmançı Zemfira Mehyəddinova sığorta ilə bağlı fikir söyləmişdi. Biz çalışmışıq ki, onu da maddələrin birində ehtiva edək, çünki bizim “Sığorta haqqında” Qanunumuz var və bütövlükdə idmançıların sosial müdafiəsi burada öz əksini tapıb. Burada o məsələ də ehtiva olunubdur.
Hörmətli deputat həmkarlarım, mən sizə qanun layihəsinə edilən dəyişikliklərin çox az bir hissəsi haqqında məlumat verdim. Sizi qanun layihəsinin ikinci oxunuşda müzakirəsində fəal iştirak etməyə çağırıram və xahiş edirəm ki, bu layihəyə səs verəsiniz. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinin ikinci oxunuşudur, ona görə biz bunu əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.46 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, qanun layihəsi 12 fəsildən ibarətdir. Mən təklif edirəm, fəsillərin hamısını bir yerdə müzakirə edək və sonra fəsil-fəsil səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nazim Məmmədovun sualı var idi, buyurun.
 N. Məmmədov. Çox sağ olun, cənab Sədr. Mənim sualım çox qısadır. Yəqin ki, seçicilərim Bədən tərbiyəsi və idman haqqında qanun layihəsini eşidib mənə bir məktub ünvanlayıblar. Gədəbəy idman kompleksi 2 il bundan qabaq özəlləşdirilib, qapısına qıfıl vurulub və istifadə olunmur. Mən Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələrinin burada iştirakını nəzərə alaraq bu sualı onlara ünvanlayıram: Gədəbəydə gələcəkdə idman kompleksi və yaxud stadionun tikilməsinə dair bir plan varmı? Belə bir plan varsa, deməli, ona görə rəy vermisiniz ki, bu müəssisə özəlləşdirilsin. Mən heç də iqtisadiyyatda müxtəlifləşmənin əleyhinə deyiləm. Təbii ki, idman sahəsində də özəlləşdirməni aparmaq lazımdır. Ancaq gədəbəylilərin, həmin idman kompleksinin işçilərinin kollektiv şəkildə mənə ünvanladığı sualı Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə ünvanlayıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər etiraz yoxdursa, çıxışları 3 dəqiqə edək. Kimin ürəyində söz çoxdursa, deyər. Fazil Mustafa buyursun.
 F. Mustafa. Çox sağ olun. Hörmətli Sədr, icazə versəniz, mən 5 dəqiqə çıxış edərdim, çünki qanunla bağlı vacib məsələləri demək istəyirəm. Mən qanunun adının dəyişdirilməsini təklif edirəm. Diqqət etsəniz, “Əsas anlayışlar”da “Bədən tərbiyəsi və fiziki tərbiyə” verilir. Bunu rus dilindən ənənəvi qaydada köçürmüşük. Amma heç kim əsaslandıra bilmir ki, Azərbaycan dilində “bədən tərbiyəsi” doğru ifadədir. Ona görə təklif edirəm, bu, “Fiziki sağlamlıq və idman haqqında” qanun adlandırılsın. Çünki “Əsas anlayışlar”da siz bədən tərbiyəsi ilə fiziki tərbiyənin fərqini göstərə bilməzsiniz. Bir yerdə göstərilir ki, biri pedaqoji prosesdir, o biri sosial prosesdir. Məncə, bu, olduqca əsaslandırılmayan bir yanaşmadır və qanun layihəsinin adı mütləq dəyişdirilməlidir. Mətndə bədən tərbiyəsinə aid olan məsələlər fiziki sağlamlıq kimi göstərilməlidir.
1.0.6-cı maddədə, “fiziki kamillik” anlayışında göstərilir ki, şəxsdə fiziki, mənəvi və əxlaqi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi. Fiziki kamillikdən söhbət gedirsə, mənəvi və əxlaqi keyfiyyətlərin bura nə dəxli var? Bunu daha dəqiq cilalamaq lazımdır.
1.17-ci maddədə göstərilir ki, milli idman növləri əhalinin etnik qruplarında tarixən formalaşmış və sosial-mədəni yönümlü idman növlərinə aid edilir. Mən başa düşə bilmirəm, ölkədə etnik qrup təkcə götürülmür. Qanunvericilikdə belə gedir: milli azlıq, azsaylı xalq, etnik qruplar. Azərbaycan türkləri də etnik qrupa aid deyil, ayrıca etnosdurlar. Deməli, bu ancaq etnik qrupların tarixən formalaşmış idman növlərini əhatə edir, ya bütövlükdə Azərbaycanda yaşayan bütün xalqları? Ona görə də mən təklif edirəm ki, burada qısaca xalqın tarixən formalaşmış sosial yönümlü mədəni obyektləri və başqa cəhətlər nəzərdə tutulsun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

3-cü maddə belə adlanır: “Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri”. Ziyafət müəllim, diqqət edin, 3.13-cü maddəyə qədər burada prinsipə aid olan heç nə yoxdur. Bunlar ya vəzifələrdir, ya da səlahiyyətlərdir. Prinsip tamam başqa bir şeydir. Ona görə də təklif edirəm ki, 3-cü maddə dövlətin əsas vəzifələri, 4-cü maddə dövlətin səlahiyyətləri olsun, çünki onun ardınca artıq bələdiyyələrin səlahiyyətləri gəlir. Burada söhbət səlahiyyətdən gedə bilər, prinsiplər məsələsi buradan çıxarılsın. 4-cü maddədə çoxlu sayda vəzifələr var ki, onları 3-cü maddəyə əlavə etmək mümkündür.
Digər bir məsələ. 5.0.16-cı maddədə yazılır ki, bələdiyyə ərazisində bədən tərbiyəsi və idmanın inkişafı üzrə dövlət proqramlarının icrasında bələdiyyələrin iştirakı. Bəlkə dövlət bu proqramda bunu nəzərdə tutmayacaq. İndidən bələdiyyələrə bu səlahiyyəti verməyimiz proqramı qabaqlamaq deyilmi?
Digər vacib məsələlərdən biri “Bədən tərbiyəsi və idmanın təbliği” adlı 13-cü maddədədir. Burada kütləvi informasiya vasitələri qarşısında totalitar bir tələb qoyulur. Tələb qoyulur ki, siz ictimaiyyətin diqqətini cəlb etməlisiniz, filan məsələni işıqlandırmalısınız, filan məsələyə bu cür yanaşmalısınız. Əslində, bu maddə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ziddir və biz onun qarşısında vəzifə qoyuruq ki, sən idmanın təbliği ilə məşğul ol. Bu, puldur, reklamdır. İdmanın təbliği ilə məşğul olan şəxslər, ya klublar varsa, özləri bu məsələni kütləvi informasiya vasitələrində pulla həll etməlidirlər. Bunun onların qarşısında öhdəlik kimi qoyulması yanlışdır.
Burada göstərilir ki, mülkiyyət formasından asılı olmayaraq yarışların keçirildiyi yerlərdə spirtli içkilər və tütün məmulatlarının reklamı qadağandır. Bunun, məncə, idmanın təbliği hissəsində yox, məsuliyyət və başqa qadağanedici hissədə əks olunması daha yerinə düşərdi.
Bir də, “vətəndaşların vətənin müdafiəsinə hazırlanması” ifadəsinin burada işlənməsi doğru deyil. Burada istənilən bənddə var ki, çağırış yaşına qədər çatmış şəxslərin, gənclərin müəyyən idman növləri ilə məşğul olması üçün dövlət təminat yaradır. Amma bunu “vətənin müdafiəsinə hazırlaşmaq” kimi mücərrəd bir anlayışla ifadə etmək, məncə, maddənin mətninə ziddir.
21-ci maddədə nəzərdə tutulur ki, cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərə şərait yaratmalıdır? Bəs istintaq təcridxanasında olan idmançı 10 ay orada yatmalıdır? Bunun üçün şərait yaradılmamalıdır? Mənə elə gəlir ki, bunun dairəsini genişləndirmək daha yerində olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, mən qanun layihəsinin adı ilə bağlı fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, qanun layihəsinin adı düzgündür. Əvvəla, “bədən tərbiyəsi” anlayışı artıq bizim leksikonumuza daxil olub və pasport alıb. Bu hamımıza məlumdur. Burada “tərbiyə” deyəndə söhbət təkcə mənəvi tərbiyədən getmir. Bədənin özü də fiziki və əqli cəhətdən tərbiyə olunmalıdır. Söhbət sağlam həyat tərzindən gedir ki, bədən buna öyrəşsin, tərbiyələnsin. Bu mənadadır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz dediniz ki, fiziki sağlamlıq və idman. O da idmandır, o da sağlamlıqdır. Bu ad tamamilə doğrudur. Qalan fikirlərə, yəqin ki, Hadi müəllim münasibət bildirəcək. Elmira Axundova.
E. Axundova. Mənə də 5 dəqiqə vaxt verin, çünki vacib qanundur, vacib məsələlərdən söhbət gedir.
Sədrlik edən. Biz, axı, danışdıq ki, çıxışlar 3 dəqiqə olsun, amma indi Siz də 5 dəqiqə xahiş edirsiniz. Fazil müəllim də 5 dəqiqə istədi. Bu necə olacaq? Ya 3 dəqiqə, ya da 5 dəqiqə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 3 dəqiqə qalsın, amma Elmira xanım 5 dəqiqə danışar. Hamınızdan xahiş edirəm, 3 dəqiqədə fikrinizi yekunlaşdırın. Elmira Axundova xanım olduğuna görə mən onun sözünü kəsmək istəmirəm, amma hörmətli deputatlardan xahiş edirəm, 3 dəqiqə ərzində fikrinizi yekunlaşdırın. Buyurun, Elmira xanım.
E. Axundova. Ziyafət müəllim, çox vacib bir sahədir, böyük problemlər var. Burada mütəxəssislər olduğuna görə biz onları sadalamaq istəyirik.
Sədrlik edən. Elmira xanım, idmanda danışmaqdan çox hərəkət etmək lazımdır.
E. Axundova. Mən indi hərəkətdən danışıram, hərəkətləri təklif etmək istəyirəm, Siz də qulaq asmaq istəmirsiniz. İdmanda əldə edilən uğurlardan danışmayacağam, onların hamısı əyani şəkildə göz qabağındadır. Mən bir balaca problemlərdən danışmaq istəyirəm, çünki qanun çox aktual, vacibdir. Həmkarlarımı onun lehinə səs verməyə çağırıram. Bilirsiniz, bizdə professional idman-olimpiya hərəkatı və kütləvi bədən tərbiyəsi, kütləvi idman arasında, təəssüf ki, fərq hələlik böyükdür. Kütləvilik bizdə aşağı səviyyədədir. Ona görə də çox vacibdir ki, yerlərdə, təhsil müəssisələrində, yaşayış yerlərində bədən tərbiyəsi və idmanla məşğul olmaq düzgün təşkil edilsin. Bir neçə ildir ki, rayonlarda möhtəşəm olimpiya kompleksləri tikilir. Yəqin ki, bunlar lazımdır. Lakin komplekslər kütləviliyi təmin etmir.
Yaxşı haldır ki, rayon mərkəzində yaşayan uşaq və gənclər idmanla məşğul ola bilirlər. Mən Masallının deputatı kimi rayonun idman məsələləri ilə daim məşğul oluram. Bilirəm ki, rayon mərkəzindən 20–30 kilometr aralıda yerləşən kəndlərdə yaşayan uşaq və gənclər istəsələr də, bu komplekslərə gedə bilmirlər. Çünki kənd yerlərində marşrut avtobusları işləmir, taksilərə isə nə uşağın, nə də gəncin pulu çatar. Ona görə də şəxsən mən idmanın kütləviliyinin təmin olunmasını kəndlərdə, qəsəbələrdə, yaşayış massivlərində balaca idman zallarının, idman mərkəzlərinin tikintisində görürəm. Biz bu barədə gənclər və idman naziri Azad müəllimlə dəfələrlə danışmışıq. O da bu ideyanın tərəfdarıdır. Lakin onu proqram şəklində daha sürətli həyata keçirmək lazımdır. İnanın ki, bu o qədər də vəsait tələb etmir. Hər bir rayonda 12 balaca idman zalı açmaq və rayonun bütün gənclərini bura cəlb etmək olar. İdman üçün şərait olmadığına görə, kəndlərdə gənclər boş vaxtlarını çayxanalarda keçirir, ya da təəssüf ki, pis vərdişlərə qurşanırlar.
Kənd məktəblərində, demək olar ki, idman ləvazimatı yoxdur. Bəzi məktəblərdə heç idman zalı yoxdur. Bu da bizim idmana münasibətimizi göstərir. Özü də köhnə məktəblər deyil, 2005-ci, 2006-cı illərdə tikilən məktəblərdə idman zalı nəzərdə tutulmayıb. Təzəkənddə, Mollaoba kəndlərində tikilən məktəblərin adlarını misal çəkə bilərəm. Mən hələ şəhərlərdə təzə tikilən binaların həyətində idman qurğularının, idman meydançalarının olmadığını, sovet vaxtından qalan meydançaların isə yeni binaların tikintisi üçün zəbt edildiyini demirəm. Sovet vaxtında hamımız dərsdən sonra vaxtımızı belə meydançalarda keçirirdik, futbol, voleybol oynayırdıq və nəsil də sağlam yetişirdi. İndi isə bizim uşaqlarımız boş vaxtlarını kompüterin qabağında keçirirlər. Hamının imkanı yoxdur ki, pullu idman klubuna getsin, həyətində isə idmanla məşğul olmaq üçün heç bir şərait yoxdur. Belə bir vəziyyət hamımızı narahat etməlidir və köklü surətdə dəyişməlidir. Təhsil müəssisələrində idmana diqqət artırılmalıdır. Məktəblərə modern, yeni səviyyəli idman ləvazimatı almaq üçün vəsait ayrılmalıdır. Yaşayış massivlərində, kənd və qəsəbələrdə dövlət kiçik idman mərkəzləri, futbol və voleybol meydançaları yaratmalıdır. Bütün bu tədbirlər idmana marağı artırmağa, idmanın kütləviliyini təmin etməyə və nəticədə yeni nəsillərin sağlam ruhda böyüməsinə kömək edə bilər. İnanıram ki, bu gün qəbul ediləcək qanun da bu xeyirxah, cəmiyyət üçün son dərəcə aktual məsələlərə xidmət edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Elmira xanım, icazə versəniz, mən Gənclər və İdman Nazirliyinin yerinə bu suallara cavab verim. 20-ci maddə – “Vətəndaşların iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili”. Əgər biz qanunu müzakirə ediriksə, gəlin, qanundan danışaq. Əgər bu sahədə olan çatışmazlıqdan, problemlərdən danışırıqsa, onun bu qanuna aidiyyəti yoxdur. Qanunda bunlar öz əksini tapıb. Yenə təkrar edirəm, maddə 20-yə baxın. Biz qanun ətrafında bununla əlaqədar olan problemləri müzakirə etsək, qanun kənarda qalar. Konkret olaraq qanun layihəsinə təklif varmı, yoxsa yoxdur? Gəlin, bunu müzakirə edək, vaxtımızı boş yerə sərf etməyək. Xahişim odur ki, ya qanun layihəsi ilə bağlı konkret təklif, irad, rəylərimizi bildirək, ya da, gəlin, səs verək.
Sədrlik edən. Etiraz yoxdursa, səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Adil müəllim, sözünüz var, buyurun.
A. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən vaxtınızı çox almaq istəmirəm. Bu qanun layihəsi hər birimizi narahat edən və hər birimizin çoxdan gözlədiyi bir sənəddir. Qeyri-olimpiya idman növü ilə məşğul olan bir insan kimi məni qanun layihəsinin 59-cu maddəsi çox narahat edir. Təbii ki, Hadi müəllimlə müzakirələr apardıq və belə qənaətə gəldik ki, qanun layihəsinə əlavələr edək. Bu gün Azərbaycanda idmana böyük qayğı və diqqət vardır, amma məni xırda bir məsələ narahat edir. Bölgələrdə, rayonlarımızda idman sahəsində ayrı-seçkilik yaranır. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən konkret olaraq mənim rəhbərlik etdiyim Kiqboks federasiyasına qarşı ikili normativlər var, bizim idmançılarımızı olimpiya və qeyri-olimpiya növünə bölürlər. Ona görə də 59.1.2, 59.1.3, 59.1.4-cü maddələrə “olimpiya”, “paralimpiya” “deflimpiya”, “xüsusi olimpiya” sözlərindən sonra qeyri-olimpiya növlərinin adlarının da əlavə olunmasını təkidlə xahiş və rica edirəm. İstəyirəm ki, qeyri-olimpiya növü də bura əlavə olunsun. Təbii ki, olimpiadada iştirak edən idmançılarımız Azərbaycanın bayrağını qaldırırlar. Qeyri-olimpiya idman növləri ilə məşğul olan idmançılar da Azərbaycanın bayrağını qaldırır, Azərbaycanın himnini səsləndirirlər. Bizim idmançıların da adlarının bura salınmasını xahiş və təkidlə israr edirəm. Çox sağ olun.
Sədrlik edən. Hadi müəllim, deyilən iradlarla bağlı deyəcəkləriniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ehtiyac yoxdur. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən də təklif edirəm, səsə qoyaq, qanun layihəsini həm ikinci oxunuşda, həm də üçüncü oxunuşda bir yerdə qəbul edək. Amma bir detalı istəyirəm, nəzərinizə çatdırım. Burada idmançıların təltif olunması qeyd olundu. Olimpiya, dünya və Avropa çempionları Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin daim diqqət mərkəzində olublar. Amma gəlin, bir balaca dəqiqləşdirmə işi aparaq. Birinci dəfə çempion olan idmançımız ikinci dəfə çempion ola bilmir. Çünki bunları o qədər bəsləyirik ki, ikinci dəfə artıq çempionatda iştirak edə bilmirlər. Hər birisinin çəkisi 4 ilin ərzində 10, 15, 20 kilo artır. Buna diqqətlə yanaşmaq lazımdır.
Amerikanın üzgüçülük üzrə bir olimpiya çempionu var, 7 dəfə dalbadal çempion olur. Bizdə olimpiya çempionu hamı tərəfindən dəstəklənir, milli qəhrəman səviyyəsinə qaldırılır və çempion özü haqqında ciddi şəkildə fikirləşməyə başlayır. Fikirləşmir ki, növbəti dəfə yenə çempion olmalıdır, bu milləti təmsil etməlidir. Qanun layihəsində elə müddəalar nəzərdə tutulmalıdır ki, onların mütəmadi idmanla məşğul olmasına şərait yaratsın. Təşəkkür edirəm.
Sədrlik edən. Eyvaz Qurbanov.
E. Qurbanov. Çox sağ olun, Ziyafət müəllim. Bu qanunun əhəmiyyəti haqqında hörmətli Hadi müəllim də, yoldaşlar da çıxışlarında qeyd etdilər. Mənim bir təklifim var. Hörmətli Hadi müəllim qeyd etdi ki, qeyri-olimpiya idman növləri ilə məşğul olan idmançıların da dünya və Avropa çempionatlarında qazandıqları nailiyyətlər olimpiya çempionları səviyyəsində qiymətləndirilməlidir. Hər bir idmançı Azərbaycanın şərəfini qoruyur və o, zəhmətinin bəhrəsini almalıdır. Ancaq biz onu da bilməliyik ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 84 idman federasiyası var. Bunların yalnız 28-i olimpiya idman növləri ilə məşğul olur. 56 federasiya isə qeyri-olimpiya idman növləri ilə məşğul olur və bunların da içərisində müxtəlif şaxələr var. Təqribən 2 min idman növü ilə məşğul olurlar. Hesab edin ki, 1 ildə bu qədər idman növü üzrə yarışlarda qalib gəlmiş insanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına imtahansız qəbul olunmalıdırlar və dövlətdən müxtəlif imtiyazlar almalıdırlar. Bu gün bilirsiniz ki, ölkəmizdə idmançılara çox böyük imtiyazlar verilir. Onlar mənzillə, maşınla, müxtəlif təqaüdlərlə təmin olunurlar. Biz bu qanunu belə qəbul etsək, sonra, yəqin ki, ciddi problemlərlə üzləşəcəyik. Heç kəsin əməyini yerə vurmamaq şərti ilə qanun layihəsinin üzərində müəyyən korrektə işləri görülməlidir. Sağ olun.
Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çıxışlarda səslənən təklif və iradları Hadi müəllim qanun layihəsinin üçüncü oxunuşu üçün nəzərə alar və müəyyən dəqiqləşdirmələr aparar.
12 fəsildir. Etiraz etmirsinizsə, dörd-dörd səsə qoyaq. Xahiş edirəm, I–IV fəsillərə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.07 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, V–VIII fəsillərə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IX–XII fəsillərə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.08 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.08 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qarşıda bir iclasımız da var, təkliflər oldu, ayın 30-da Allah qoysa, baxılsın. Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Fərdi məlumatlar haqqında qanun layihəsidir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bildiyiniz kimi, Milli Məclis tərəfindən 2005-ci ildə “İnformasiya əldə etmək haqqında”, təxminən bir il bundan əvvəl isə “Biometrik informasiya haqqında” qanunlar qəbul olunmuşdur. Doğrudur, bu qanunlarda fərdi məlumatlarla bağlı müəyyən göstərişlər var, amma qanunvericilikdə hələ də bu sahənin tam, əhatəli tənzimlənməsi mövcud deyil. Məhz bu zərurət nəzərə alınaraq, cənab Prezident tərəfindən Fərdi məlumatlar haqqında qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunmuşdur. Qeyd etmək istəyirəm ki, Avropa Şurasına üzv qəbul edilməyimizlə bağlı bir sıra qanunların qəbul edilməsi, o cümlədən “Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə istifadəsi ilə əlaqədar şəxsin hüquqlarının qorunması haqqında” Avropa Konvensiyasının ratifikasiyası bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsini də zəruri etmişdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, ölkə Prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında biometrik eyniləşmə sisteminin yaradılması üzrə 2007–2012-ci illər üzrə Dövlət Proqramı mövcuddur. Bu dövlət proqramının tədbirləri sırasında da belə bir qanunun qəbul olunması tövsiyə edilmişdir.
Hörmətli həmkarlar, qanunun əsas məqsədi fərdi məlumatlar subyektinin hüquqlarının müdafiəsidir. Qanun layihəsi fərdi məlumatların (açıq fərdi məlumatlar istisna olmaqla) yalnız subyektin razılığı ilə işlənməsi və üçüncü şəxsə verilməsini nəzərdə tutmuşdur. Sözsüz ki, qanun layihəsi işlənib hazırlanarkən, qeyd etdiyim kimi, Avropa Şurasının məlum Konvensiyası və Avropa Şurasının 1995–1997-ci illər direktivləri də əldə rəhbər tutulmuşdur. Bu tələblərə görə, fərdi məlumatlar qanuni yolla əldə edilməli və emal olunmalıdır. Dəqiq bəyan edilmiş məqsədlər üçün toplanmalı və onların istifadəsi bu məqsədlərə zidd olmamalıdır. Adekvat olmalı, məqsədə birbaşa aidiyyəti olmalı və toplama zamanı məlumat artıqlığına yol verilməməlidir. Dəqiq olmalı və lazım olduğu təqdirdə yeniləşdirilməlidir. Məqsədin həyata keçirilməsi üçün lazım olan müddətdə subyekti identifikasiya etməyə imkan verən formada saxlanmalıdır. Qeyd etmək istəyirəm ki, qanun layihəsində direktivlərin və konvensiyanın bütün tələbləri yerinə yetirilmişdir.
Layihədə fərdi məlumatların toplanması, işlənməsi, mühafizəsinin qanunvericilik əsasları və ümumi prinsipləri, dövlət tənzimlənməsinin qayda və tələbləri öz əksini tapmışdır.
Layihə ilə əlaqəli başqa bir vacib məqam da var, ona diqqət yetirmək istəyirəm. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq hüququ”nu nəzərdə tutan 32-ci maddəsi və bu maddənin üçüncü hissəsinin müddəalarının icrası baxımından da zəruridir. Hörmətli millət vəkilləri, hesab edirik ki, ümumilikdə, qanun layihəsi sözü gedən sahəni tənzimləməkdən ötrü əhatəli, dolğun hazırlanmışdır. Amma sözsüz ki, parlamentdəki müzakirələr zamanı müəyyən təkliflər olacaq. Üç oxunuş zamanı isə bizim bu təklifləri öyrənmək, qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırıb, razılaşdırıb bir daha sizə təqdim etmək imkanımız olacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli Sədr, hörmətli deputatlar! Hazırda müzakirəyə təqdim edilmiş Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi adından da göründüyü kimi, fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır. Hamımıza məlumdur ki, hər bir şəxs özünə aid olan məlumatları şəxsən və ya nümayəndəsi vasitəsi ilə müvafiq orqanlardan əldə edə bilər. Lakin o da bizlərə məlumdur ki, hər hansı bir şəxs barəsində məlumatların üçüncü şəxslər tərəfindən əldə edilməsində müəyyən məhdudiyyətlər vardır. Həmin məhdudiyyətlərin məhz nədən ibarət olduğu və başqa fərd haqqında məlumatların necə həyata keçirilməsini tənzimləyəcək qanunvericiliyin özündə isə boşluq vardır. Hazırda müzakirə etdiyimiz qanun layihəsi isə məhz bu boşluğun aradan qaldırılmasına yönəldilmişdir.
Qeyd etmək istəyirəm ki, qanun layihəsinin “Fərdi məlumatların hüquqi rejimi və mühafizəsi” adlanan 5-ci maddəsinə əsasən fərdi məlumatlar əldə olunma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Daha sonra isə həmin maddədə konfidensial və açıq fərdi məlumatlarla bağlı ümumi qaydada açıqlama öz əksini tapıbdır və konfidensial fərdi məlumatların necə mühafizə olunması qeyd olunubdur.
Hesab edirəm ki, qanun layihəsində həmçinin konfidensial fərdi məlumatların dəqiq siyahısı öz əksini tapmalı, orada göstərilməyən fərdi məlumatlar açıq fərdi məlumatlar hesab olunmalıdır. Bunu etməklə, həm gələcəkdə qanunun daha rahat tətbiq edilməsinə imkan yaradılar, həm də hər bir fərdin, yəni şəxsin üçüncü şəxslər tərəfindən şəxsi həyatına müdaxilə etmək hüququ gözlənilmiş olar.
Layihədə digər vacib məsələlərdən biri də fərdi məlumatların alınması, yəni verilməsi ilə bağlı verilmiş sorğuların cavablandırılmasıdır ki, bu da qanun layihəsinin 12-ci maddəsi ilə tənzimlənir. Hesab edirəm ki, həmin maddədə qeyd olunan müddətlər, yəni sorğuya müsbət cavab verilməsi üçün 7, imtina üçün isə 5 iş gününün qeyd olunması tamamilə doğrudur. Belə ki, fərdi məlumatla bağlı sorğuya cavab verilməsinin maksimum operativ həyata keçirilməsi qanun layihəsində öz əksini tapmışdır. Mən layihənin birinci oxunuşda qəbul edilməsini məqbul hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli millət vəkilləri, müasir cəmiyyətimizdə informasiya azadlığı demokratik quruluşun əsas meyarı kimi qəbul olunub. Avropaya inteqrasiya edən və demokratik quruluşu əsas sistem kimi qəbul edən Azərbaycanda da informasiya azadlığına təminat verilir. Ölkəmizdə informasiya azadlığının hüquqi təminatı rolunda Azərbaycan Respublikasının Konstitusiyası, “Məlumat azadlığı haqqında” Qanun, “İnformasiya əldə etmək haqqında” Qanun və sair normativ hüquqi aktlar təşkil edir. Bir halda demokratik cəmiyyət üçün zəruri olan informasiya azadlığına təminat verilməsi, onun hüquqi bazasının müasir standartlara uyğunlaşdırılması zəruridirsə, digər halda bəziləri dövlətin yaratdığı bu geniş imkanlardan sui- istifadə hallarına yol verirlər. Etiraf edilməlidir ki, informasiya azadlığından sui-istifadə edənlər özəl həyata müdaxilə edir, ayrı-ayrı şəxslərə məxsus olan fərdi məlumatları toplayırlar. Bu isə vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.
Ona görə də dövlət tərəfindən fərdi məlumatların mühafizəsinin təşkil olunması, başqa sözlə, fərdi məlumatların axtarılması, əldə olunması və yayılmasını nizamlayan normativ hüquqi sənədlərin qəbulu günümüzün reallığına çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən parlamentə təqdim olunmuş Fərdi məlumatlar haqqında qanun layihəsini sosial sifarişin nəticəsi hesab edirəm. Məlum olduğu kimi, Fərdi məlumatlar haqqında qanun layihəsinin məqsədi fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması ilə əlaqədar məsələləri tənzimləmək və bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirməkdən ibarətdir. Qanun layihəsinin məqsədindən də göründüyü kimi, Fərdi məlumatlar haqqında qanun bu sahədə olan nizamsızlığın aradan qaldırılmasını, ayrı-ayrı hüquqi və fiziki şəxslərin başqalarına münasibətdə müəyyən hədləri aşan fəaliyyətlərinə son qoyulmasını təmin edəcəkdir.
5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsində, demək olar ki, prioritet istiqamətlər əks olunub. Bu qanunun təyinatı, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunmasına yönəlib, çünki fərdi məlumatların toplanması və fərdi məlumatlarla işlənilməsi insan hüquqlarına müdaxilə kimi qiymətləndirilən fəaliyyət növüdür.
Təqdim olunan layihədəki bir sıra müddəalar xüsusi razılıqla qarşılanır. Məsələn, qanunun 4.2-ci maddəsində deyilir ki, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir. Müzakirələr zamanı millət vəkilləri həmin maddəni, həmçinin hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyektin özünün yazılı razılığı əsasında yol verilməsi barədə nəzərdə tutulmuş normanı qanunun humanizm prinsiplərinə əsasən hazırlanmasının təcəssümü kimi dəyərləndiriblər. Hörmətli həmkarlar, hesab edirəm ki, Fərdi məlumatlar haqqında qanun layihəsi birinci oxunuş üçün təkmil variantdır və qəbul edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Diqqətinizə görə təşəkkür edirəm.
 Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.19 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: qəbul edildi
    
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxışıma başlamamışdan öncə qeyd etmək istəyirəm ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər, digər qanunlara əlavələr və dəyişikliklər paket şəklində hazırlanıb təqdim olunmuşdur. Sadəcə, “Dini etiqad azadlığı haqqında” Qanun İnsan hüquqları komitəsi ilə birlikdə müzakirə olunmuşdur, ona görə ayrı-ayrı məsələlər kimi gündəliyə təqdim olunur. Amma bu paket şəklində hazırlandığına görə və əslində, dini qurumlar da qeyri-dövlət qurumları kimi ictimai təşkilat olduğuna görə istərdim, Sizdən xahiş edim ki, hər iki məsələnin birgə təqdim olunmasına şərait yaradasınız. Əgər mümkünsə, Oqtay müəllim, bunu belə edərdik.
Sədrlik edən. Birgə təqdim edin, ancaq səsverməni ayrı-ayrı keçirəcəyik.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. İlk növbədə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklərin mahiyyətini diqqətinizə çatdırmaq istərdim. Söhbət 8-ci və 21-ci maddələrdən gedir. 8-ci maddəyə “İslam dini ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir” müddəası təklif olunub. 21-ci maddəyə “İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən həyata keçirilə bilər” müddəasını təklif etmişdik.
Sözsüz ki, Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Amma bu heç bir halda dövlətin dindən ayrı olması kimi təfsir olunmur və qanunda nəzərdə tutulmuş hallarda bu məsələlər dövlət tərəfindən tənzimlənir. Sözsüz ki, hər bir kəsin dini etiqad azadlığı mövcuddur və təklif olunmuş əlavə və dəyişiklik heç bir halda dini etiqad azadlığı məsələlərinə toxunmur, ancaq bu məsələlərin, yəni ibadət yerlərinə rəhbərlik edən şəxslərin təyinatında müvafiq icra hakimiyyəti orqanı ilə dini icma, Qafqaz Müsəlmanları İdarəsi arasındakı münasibətləri tənzimləyir. Bütün dünyada bu mövcuddur və biz də bunun formasını təklif etmişik. Düşünürəm ki, bu, istənilən halda dini etiqad azadlığının həyata keçirilməsində ancaq müsbət bir rol oynaya bilər.
“İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən həyata keçirə bilər” müddəası isə komitədə müzakirə olunan zaman aldığımız məlumatlar və görüntülər onu göstərib ki, bu, müəyyən mənada mətbuatda müzakirəyə və mübahisələrə səbəb olub. “İslam dini ayin və mərasimləri” deyildikdə söhbət ancaq bu ibadətlərin həyata keçirilməsindən, aparılmasından gedir. 13 əsrdən yuxarıdır, Azərbaycanda İslam dini mövcuddur və bu ayin və mərasimlərin Azərbaycan vətəndaşları tərəfindən, İslam Universitetində və yaxud da Azərbaycanda mövcud olan bir neçə mədrəsədə təhsil almış şəxslər tərəfindən aparılmasında heç bir problem yoxdur və ola da bilməz. Bunu həyata keçirirlər və düşünürəm ki, əslində, bu, dolayısı olaraq, müəyyən mənada bu təhsilin də Azərbaycanda inkişafına gətirib çıxarmış olar. Bu heç bir halda insanların dini təhsillərini başqa ölkədə almasına məhdudiyyət yaratmır və sözsüz ki, vətəndaşlar təhsil seçimində azaddırlar, başqa yerlərdə bəlkə də daha keyfiyyətli təhsil almaq arzusunda və imkanında ola bilərlər. Heç şübhəsiz, sonradan bu təhsildən Azərbaycanın ilahiyyat sahəsində olan dövlət orqanında, elm və yaradıcılıq fəaliyyətində istifadə edə bilərlər və bundan hər bir tərəf bəhrələnə bilər. Buradakı çərçivə çox konkretdir, söhbət ancaq ayin və mərasimlərin aparılmasının bu şəxslərə həvalə olunmasından gedir.
Digər əlavələr və dəyişikliklər “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə və “Qrant haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərdir. Müəyyən mənada bu dəyişikliklər bir-biri ilə üzvi surətdə bağlıdır, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən düzəlişlərin bir hissəsi hətta bir-biri ilə oxşardır. Burada söhbət adların istifadə qaydalarının təkmilləşdirilməsindən gedir. Ümumiyyətlə, qeyd edim ki, bütün dünyada hüquqi şəxslərin kommersiya və qeyri-kommersiya təşkilatlarının adlarının müdafiəsi ilə bağlı qanunlar mövcuddur. Vaxtilə biz də belə bir layihə təqdim etmişdik, amma parlament tərəfindən dəstəklənməmişdi. Çünki o zaman qeydiyyat prosedurları bir qədər mürəkkəb idi və parlamentarilər düşünürdülər ki, bu əlavə qeydiyyat üçün problemlər yarada bilər. Amma hesab edirəm ki, adlardan istifadənin tənzimlənməsinin vaxtı gəlib çatmışdır.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunla bağlı təklif edirik ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən, əvvəl təsis edilmiş digər mətbu nəşrlər eyni ada malik olan, – yəni təkrar olmasın deyə, – adı əhalini yanılda bilən, habelə mənəviyyatı, milli və dini hissləri təhqir edən mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Təxminən oxşar formada o biri qanunda da belə yazılıb: “Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından istifadə edilə bilməz. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından onların yaxın qohumlarının və vərəsələrinin icazəsi olmadan istifadə edilə bilməz”. Mətbuat sahəsində çalışan, qeyri-hökumət təşkilatlarının təsisçisi olan şəxslər və millət vəkilləri, yəqin, bu sahədə nə qədər boşluq və sui-istifadə hallarının olduğunu görürlər. Dəfələrlə parlamentarilər tərəfindən deyilib ki, mütləq bu məsələ tənzimlənməlidir.
Hər iki qanuna edilən ikinci dəyişikliyin mahiyyəti isə ondan ibarətdir ki, qanunun pozulması halları nəticəsində əgər təsisçinin fəaliyyətinə qadağa qoyulubsa, məhkəmə qərarı ilə müəyyən bir dövr ərzində onun bu fəaliyyətlə məşğul olması qadağan oluna bilər. Fürsətdən istifadə edib deyim ki, biz burada 5 il müddəti təklif etmişik. Başqa müddətlər də təklif olunub, hər halda bu, müəyyən mənada müzakirə predmeti ola bilər.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərin çox vacib olanlarını diqqətinizə çatdırmaq istərdim. Sözsüz ki, hər bir azərbaycanlının, hər kəsin birləşmək hüququ Konstitusiyada və qoşulduğumuz Avropa İnsan Haqları Konvensiyasında mövcuddur. Həmkarımız Cəmil Həsənlinin dediyi kimi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” demokratik qanunlar Avropa Şurasının və Venesiya komissiyasının ekspertləri ilə birlikdə məhz bizim tərəfimizdən hazırlanıb, parlamentə təqdim olunub və qəbul edilib.
Bu gün Azərbaycanda birləşmək azadlığının həyata keçirilməsində bir sıra problemlər mövcud olsa da, hesab edirəm, Azərbaycan dövləti tərəfindən vətəndaş cəmiyyətinin formalaşması, bütövlükdə Azərbaycandakı fəaliyyəti ilə bağlı çox uğurlu siyasət həyata keçirilir. Təsadüfi deyil ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. O şuranın rəhbəri bizim həmkarımız Azay müəllimdir. Dövlət tərəfindən belə bir şuranın fəaliyyətinə dəstək verilməsi, şuranın xüsusi bir büdcəsinin olması – bunların hər biri Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılmasına və fəaliyyətinə dövlətin dəstəyidir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, qeyri-hökumət təşkilatlarının, ictimai qurumların bütün dünyada fəaliyyətinin iki forması var: birinci, icazəli, ikinci, məcburi qeydiyyatla. Burada Avropa Şurası Nazirlər Kabinetinin qeydiyyatla bağlı sənədi xatırlanmışdı. Necə ki biz indi qanunda təqdim edirik, əgər qeydiyyat prosesinin həyata keçirilməsində problem yoxdursa, Avropa Şurası da məcburi qeydiyyatı bir pozuntu kimi qəbul etmir. Yəni heç kim, heç bir qurum, heç bir Avropa təşkilatı heç bir dövlətə iradını bildirməz ki, nə üçün öz qanununda qeydiyyatın məcburiliyini ehtiva edir. Əlbəttə, əgər bu qeydiyyat prosesində problem yoxdursa. Bu halda bizim təklifimiz qeydiyyatın məcburiliyi ilə bağlıdır.
Bütövlükdə qeyd etmək istəyirəm ki, təqdim etdiyimiz əlavələr, dəyişikliklər heç bir halda birləşmək azadlığının ziddinə deyil, əksinə, bu azadlıqdan sui-istifadənin qarşısının alınmasına yönəlib. Bunu mən açıq deyirəm və bəzi problemlər də mövcuddur. Biz məlumatlıyıq ki, xarici hüquqi şəxslər narahatdırlar. Xatırlatmaq istəyirəm ki, bir çox ölkələrin milli qanunvericiliklərində milli hüquqi şəxslərdən fərqli olaraq xarici hüquqi şəxslərin qeydiyyatı ilə bağlı ayrı bir rejim nəzərdə tutulub. Misal üçün, Amerika Birləşmiş Ştatlarının bir çox ştatlarında bu, xüsusi bir rejimdir. Yəni milli qeyri-hökumət təşkilatları ilə yox, xarici hüquqi şəxslərin qeydiyyatı ilə bağlı xüsusi bir rejim nəzərdə tutulub. Hesab edirəm ki, özünün milli təhlükəsizliyinə önəm verən ölkələrdən olan Azərbaycan üçün də bu, istisna olmamalıdır. Qanunvericilikdə çox aydın şəkildə müəyyən etmişik ki, Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına zidd olan, terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinə, çirkli pulların yuyulmasına, milli, dini, irqi ayrı-seçkiliyə yönəlmiş qeyri-hökumət təşkilatlarının fəaliyyəti qadağan oluna bilər və ümumiyyətlə, bu cür təşkilatların təsis olunması problemdir.
Sözsüz ki, layihədə privintiv tədbirlər üçün də yer nəzərdə tutulmuşdur. “Qeyri-hökumət təşkilatları yalnız hüquqi şəxs kimi dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyət göstərə bilər” müddəası avtomatik olaraq İnzibati Xətalar Məcəlləsinə də əlavələr etmək zərurəti yaradır. Əgər qeydiyyatdan keçmədən fəaliyyət qadağandırsa, onda müəyyən sanksiyalar nəzərdə tutulmalıdır. İnzibati Xətalar Məcəlləsinə etdiyimiz əlavələr və dəyişikliklərsə məhz bununla bağlıdır. Fiziki şəxslər, vəzifəli və hüquqi şəxslər üçün burada cərimələr nəzərdə tutulmuşdur.
Səmimi deyim ki, müzakirələr zamanı bu dərəcədə olan təhdidlərin əvvəl səbəbini anlamamışdıq. Amma sonradan komitə üzvləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdülər. Vurğulamaq istəyirəm ki, o təşkilatın nümayəndələri bu gün burada o tənqidi fikirləri söyləyənlərdən daha müstəqil şəxslərdir, peşəkar hüquqşünaslardır. Onlar Azay müəllimlə birlikdə gəlmişdilər və bizim çox səmərəli müzakirələrimiz oldu. Bir sıra məsələlərlə bağlı fikir ayrılığını aradan qaldırdıq, bir sıra qeydlər oldu. Onlar komitəyə Milli qeyri-hökumət təşkilatlarının rəsmi rəyini təqdim ediblər, biz onu öyrənirik.
Bu dövr ərzində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmüşük. Biz audit işlərimizi aparmışıq. Demək istəyirəm ki, bizim heç bir halda tələsik, qapalı bir sənəd qəbul etmək iddiamız yoxdur. Bu sənəd parlament üçün açıqdır. Biz, sadəcə, öz arqumentlərimizi və zərurəti çatdırdıq və inanırıq ki, bu fikirlərimiz parlament tərəfindən də başa düşüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, hər hansı bir təklif, irad da müzakirə oluna bilər. Amma bir daha vurğulamaq istəyirəm ki, birləşmək azadlığının həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına zidd olan məqamlara qarşı, əlbəttə ki, müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Bu isə, çıxışımın əvvəlində də qeyd etdim, Azərbaycanın Konstitusiya quruluşuna, milli təhlükəsizliyinə və bu sıradan olan təhdidlərə qarşı yönəlmiş tədbirlərdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə yazıla bilərsiniz. Tahir Rzayevin sualı var, buyursun.
T. Rzayev. Hörmətli Sədr, mən “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsinə edilmiş əlavələr barədə sual vermək istəyirəm. Demək istəyirəm ki, hər iki əlavəni dəstəkləyirəm və səs verəcəyəm. Ancaq burada “İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış...” yazılıb. Məlum deyil ki, hansı təhsildən söhbət gedir. Yaxşı olardı ki, bura “dini təhsil almış” ifadəsi yazılsın. Çünki ola bilsin ki, kim isə digər təhsil alsın. Bu ayinləri o, icra edə bilməz. Həm də mən elə bilirəm, “bu sahədə səriştəsi olan Azərbaycan vətəndaşları tərəfindən aparılır” yazılsa, daha yaxşı olar. Əli müəllimin bu məsələyə münasibətini bilmək istəyərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Komitə sədri hörmətli həmkarımız Əli Hüseynovun verdiyi informasiya bütün deputatlar kimi, məni də tam qane etdi. Hesab edirəm ki, bu müzakirəyə qədər hər birimizin içərisində olan bütün suallara cavab tapa bildik. İlk növbədə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişiklikləri müdafiə etdiyimi bildirirəm. Hesab edirəm ki, Azərbaycanda dini ayinləri və mərasimləri keçirmək üçün yüksək dini təhsil almış kifayət qədər yerli kadrlar var və bunların potensialından istifadə edilə bilər. Həm yerli əhalini yaxşı tanıyırlar, yerli adət-ənənələri yaxşı bilirlər, həm də xalq özünün tanıdığı din xadimlərinin rəhbərliyi altında adət-ənənəyə uyğun dini ayinlərin keçirilməsinə üstünlük verir. İndi artıq xalq adətinin qanunda da öz əksini tapmasını düzgün hesab edirəm.
Eyni zamanda, fürsətdən istifadə edərək Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hörmətli Şeyxülislam Allahşükür Paşazadəni MDB müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri seçilməsi münasibətilə təbrik edirəm. Bu, təkcə hörmətli şeyximizin uğuru deyil, bu, Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin uğurudur. Bu, Azərbaycanda İslama olan münasibətin MDB məkanında qəbul edilməsidir və ümumilikdə götürəndə həm hörmətli şeyximizin, həm də Azərbaycan müsəlmanlarının MDB məkanında yüksək nüfuza malik olmasıdır. Bu münasibətlə mən onu ürəkdən təbrik etmək istəyirəm.
Mən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən dəyişikliklər üzərində xüsusi dayanmaq istəyirəm. O birilər haqqında da danışmaq istəyərdim, amma bu sahə mənə daha yaxın olduğuna görə bunun üzərində dayanmaq istəyirəm. Hesab edirəm ki, edilən dəyişikliklər düzgündür, vaxtındadır və onların hər biri olmalıdır. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin tərkib hissəsidir, ancaq bəzən bizim opponentlərimizin dediyi kimi, vətəndaş cəmiyyətinin hamısı demək deyil. Digər tərəfdən, politologiya elmində göstərilir ki, dövlət və vətəndaş cəmiyyəti baxmayaraq ki, hər bir fəaliyyətlərində müstəqildir, ancaq vətəndaş cəmiyyətinin özünün də dövlət tərəfindən tənzimlənməsinə həmişə böyük ehtiyac olub.
QHT-lər haqqında qanun 10 ildir ki, qəbul edilib. Bu müddət ərzində Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edib, cəmiyyətimizdə xeyli yeniliklər və irəliləyişlər olub. Bunların bir hissəsi aydın məsələdir ki, QHT sektoruna da təsir edir və bu sektorda bir sıra yeniliklər gətirilməsinə çox böyük ehtiyac var. Bu ehtiyac nədən ibarətdir? Çox təəssüf ki, qanunda fəaliyyət göstərən bütün QHT-lərin dövlət qeydiyyatının tələbinin qoyulmasına baxmayaraq, indiyə qədər özünü qanundan və dövlətdən kənarda tutan, qeydiyyatdan keçmək istəməyən bir sıra təşkilatlar var. Onlar çox deyil, amma bununla belə, onların qeydiyyata düşməməyi, hesab edirəm ki, qanuna hörmətsizlikdir. Bu baxımdan bütün QHT-lərin mütləq dövlət qeydiyyatından keçirilməsi tələbi tamamilə düzgündür, hüquqidir və bu, mütləq reallaşdırılmalıdır. Bu gün cəmiyyətdə fəaliyyət göstərən hər bir təsisat, hər bir qurum mütləq qarşısına qoyduğu məqsədlər, maliyyələşdirdiyi mənbələr baxımından cəmiyyət qarşısında tam şəffaf olmalıdır. Bu baxımdan qeydiyyat məsələsinin sərtləşdirilməsini düzgün hesab edirəm.
Tamamilə düzgün hesab edirəm ki, özünü ümumazərbaycan təşkilatı hesab edən qeyri-hökumət təşkilatı Azərbaycan ərazisinin azı üçdə birində mütləq özünün nümayəndəliyinə malik olmalıdır. Çox təəssüf ki, ancaq sədrdən ibarət olan, dövlət qeydiyyatından keçməyən təşkilatlar Azərbaycan dövləti ilə ultimatum dilində danışmağa, Azərbaycanın adından bəyanat verməyə adət ediblər. Bu qüsurlu və naqis praktikaya son qoyulmalıdır. Cəmiyyətin adından danışmaq istəyən mütləq cəmiyyətin müəyyən bir dəstəyinə malik olduğunu göstərməlidir. Məsələn, bir nümunə gətirim. Azərbaycan dövlətinin başçısı olan Prezident mütləq seçkilərdə seçicilərin azı 50 faizindən çoxunun səsini qazanmalıdır və ona görə Azərbaycan dövlətinin adından danışa bilir. QHT-lərdən də ölkənin üçdə birində nümayəndəliyini açması tələb edilir və bu zaman o, ümumazərbaycan mövqeyindən çıxış edə bilər. Yəni göründüyü kimi, həm liberal, həm demokratik, həm də ümumi dövlətçilik prinsiplərini özündə əks etdirən bir məsələdir.
Tamamilə düzgün hesab edirəm ki, QHT-lərin maliyyə mənbəyinin azı 50 faizi yerli resurslardan olmalıdır. Dünən məni tamamilə şok edən bir informasiya əldə etdim. Azərbaycana hər il qeyri-hökumət təşkilatlarını maliyyələşdirmək üçün xaricdən 20 milyona qədər vəsait gəlir. Çox maraqlıdır ki, bu vəsaitin hansı QHT-lərə gəldiyi, onların hara xərcləndiyi və mənbələr barəsində Azərbaycan cəmiyyətində heç bir məlumat yoxdur. İstər-istəməz hər bir Azərbaycan vətəndaşında bu pulların böyük bir qisminin çirkli pullar olduğu və Azərbaycanın maraqları əleyhinə yönəldiyi barəsində təəssürat yarana bilər. Bu baxımdan Azərbaycana gələn hər bir dolların, hər bir avronun mənbəyi mütləq bilinməlidir. Onun hara xərcləndiyi barəsində Azərbaycan cəmiyyətinin məlumatı olmalıdır.
Eyni zamanda, son dövrlərdə Azərbaycanda dövlət tərəfindən QHT-lərin maliyyələşməsi praktikada özünü doğrultmağa başlayıbdır. Hazırda 2 milyon manata qədər vəsait artıq QHT-lərin ixtiyarına verilir. Hesab edirəm ki, QHT-lərin öz maliyyə mənbəyini möhkəmləndirməkdən ötrü ilk növbədə yerli donorlarla işləməyi, onları bu işə cəlb etməyi bacarmalıdırlar. Bu praktika artıq özünü doğrultmalıdır.
Fürsətdən istifadə edib bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Elə QHT-lər var ki, indiyə qədər xarici mənbələrdən asılı olublar. Məsələn, xalq arasında “korlar cəmiyyəti” kimi tanınan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu gün dövlət tərəfindən maliyyələşdirilmir. Eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihələrdə də iştirakı zəifdir. Hesab edirəm ki, bu məsələlərə bir qədər incə yanaşmalıyıq. Bu tip təşkilatların, ilk növbədə Gözdən Əlillər Cəmiyyətinin ya dövlət büdcəsi hesabına, ya da Şura tərəfindən maliyyələşməsi barəsində xüsusi bir bəndlə qərar qəbul etməliyik.
Həmçinin hesab edirəm ki, biz əgər xaricdən gələn maliyyə yardımını 50 faiz civarında məhdudlaşdırırıqsa, onda dövlət tərəfindən QHT sektorunun maliyyələşdirilməsinə ayrılan vəsait də çoxaldılmalıdır. Kifayət qədər resurslarımız var. Mən hesab edirəm ki, bunu 10, 15, 20 milyon manata çatdırmaq və ümumilikdə, QHT sektorunu Azərbaycanın daxili məsələlərinə cəlb etmək olar. Digər məsələlər barəsində də fikir yürütmək olar, amma nəzərə almalıyıq ki, vaxt məhduddur. Burada fikrimi yekunlaşdırıram və dəyişiklikləri dəstəkləyəcəyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Bu məsələlər bizim komitənin iclasında müzakirə olunarkən mən “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişiklikləri dəstəklədim və bu gün də deputat həmkarlarımı bunu dəstəkləməyə çağırıram. Bəzən cəmiyyətdə müəyyən adamlar sual verirlər ki, axı, bu qanuna dəyişiklik etməyə, müəyyən məhdudiyyətlər nəzərdə tutmağa nə ehtiyac var? Mən hər zaman deyirəm ki, ola bilər, bu gün bu belə görünsün. Amma müxtəlif dini qruplar, cərəyanlar öz ideyalarını yayandan, tərəfdar toplayandan sonra, ola bilsin ki, 5 ildən sonra biz daha böyük problemlərlə üz-üzə qalaq. Əli müəllim çıxışında bir yaxşı fikir söylədi. Dedi ki, bizim Konstitusiyada yazılıb ki, din dövlətdən ayrıdır. Amma dövlətin dindən ayrılığı ilə bağlı müddəa yoxdur və dövlət kənardan durub seyr edə bilməz ki, bu sahədə nələr baş verir. Bu fikirlə çox razıyam.
Müzakirə zamanı bir təklif deyilmişdi. Mən o təklifi burada səsləndirirəm və hesab edirəm ki, çoxluq qəbul etsə, biz bu düzəlişlə “Dini etiqad azadlığı haqqında” Qanunu qəbul edə bilərik. 21-ci maddədən söhbət gedir. Burada qeyd olunur ki, İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Mən təklif edirəm, bura əlavə edilsin ki, İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən lisenziya verilmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Ona görə ki, bizim bir çox kənd yerlərində bu gün dini mərasimləri aparan şəxslərin, ümumiyyətlə, heç dini təhsili yoxdur. Bu, məsələnin bir tərəfidir.
İkincisi, xaricdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarının bəzilərinə müəyyən araşdırmalar aparandan sonra lisenziya verilə bilər ki, onlar da bu işlə məşğul olsunlar. Bunlar o şəxslərdir ki, Qafqaz Müsəlmanları İdarəsi və yaxud müvafiq dövlət orqanları tərəfindən xaricdə təhsil almağa göndəriliblər. Ona görə bura əlavə edək ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən lisenziya almış şəxslər də dini mərasimləri apara bilərlər. Burada həm də dini təhsili olmayan şəxslər nəzərdə tutulur. Məsələn, kənd yerlərində birinin hüzrü düşür, dini təhsili olmayan şəxs o mərasimi aparır. Onda belə çıxır ki, gələcəkdə biz, ümumiyyətlə, molla tapa bilməyəcəyik. İndi belədir, Azərbaycanda biri “fatihə” verə bilirsə və yaxud da yasin oxuya bilirsə, müəyyən dini mərasimləri idarə edir. Ona görə də mən bu kiçik düzəlişlərlə qanun layihəsinə səs verəcəyəm.
Qeyri-hökumət təşkilatları ilə bağlı isə narahatlıqları başa düşürəm, bölüşürəm və hətta bir çox məsələlər şəxsən millət vəkili kimi mənim özümü çox ciddi narahat edir. Bəzi millət vəkilləri, ola bilsin ki, bundan məlumatsızdırlar, bir neçə gün bundan qabaq Azərbaycandakı bəzi dini qeyri-hökumət təşkilatları, siyasi partiyalar və qeyri-ziyalı birlikləri yığışırlar, tədbir keçirirlər və deyirlər ki, İsrailin Prezidenti Azərbaycana gəlməməlidir. Bu, iki gün bundan öncə olub. Bunlar İslam təəssübkeşliyi ilə çıxış elədilər ki, bəs orada fələstinlilərin, bizim müsəlman qardaşlarımızın hüquqları pozulur. Mən o adamlara sual vermək istərdim ki, məgər Dağlıq Qarabağdan, yerindən-yurdundan didərgin düşmüş adamlar müsəlman deyillər? Onların hüquqlarının pozulması, zorakılığa məruz qalması niyə sizi narahat eləmir? Ermənistandakı prezident seçkiləri zamanı Ter-Petrosyan deyirdi ki, Mehri yolu müharibə zamanı bizim həyat yolumuz olub. Əhmədinejat Sarkisyanı öz doğma oğlu kimi bağrına basanda niyə yığışıb analoji tədbir keçirmirdilər və müsəlman təəssübkeşliyi ilə çıxış eləmirdilər? Bunu ona görə misal kimi gətirirəm ki, hər zaman bu qurumlardan Azərbaycan dövlətinə qarşı istifadə oluna bilər. Bu, başa düşüləndir və məni ciddi narahat eləyir.
Başqa bir misal da çəkmək istəyirəm. Bu yaxınlarda “Azadlıq” qəzetindən bir yazı oxudum. Bunu Xaliq Bahadır – Əli Kərimlinin ən yaxın silahdaşlarından biri və qohumu yazıb. O yazır ki, niyə Amnisti interneşnl təşkilatı Eynulla Fətullayevə ödül verdi? Onun dediyinə görə, məqsəd ondan ibarətdir ki, Azərbaycana təzyiq eləsinlər ki, sən bizim yanımızda ol. Bu yazı iki-üç gün bundan qabaq “Azadlıq” qəzetində gedib. Böyük bir məqalə idi. Yazır ki, Amnisti interneşnlin Avropa şəhərlərindən birində keçirdiyi tədbirdə Azərbaycandan olan müxalifət nümayəndəsi guya Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı çıxış eləmək istəyib. Amma ona Amnisti interneşnl təşkilatının əməkdaşları imkan vermirlər ki, bizim sponsorumuz BP-dir və onlar deyirlər ki, qarşıdan seçki gəlir, ona görə Azərbaycandakı problemləri qabartmayın. Mən demirəm, məhz o şəxslər deyirlər. Əgər dünyada tanınmış Amnisti interneşnl təşkilatı öz sponsorundan bu qədər asılıdırsa, görün, Azərbaycanda cəmiyyətin böyük hissəsinin tanımadığı kiçik qeyri-hökumət təşkilatları öz xarici sponsorlarından necə asılıdırlar? Amma səmimi şəkildə deyirəm ki, bizim bir çox qeyri-hökumət təşkilatları xarici donorlardan vəsait alsalar da, öz vəzifələrini layiqincə yerinə yetirirlər. Amma narahatlıq qalır. Qonşu Gürcüstanda baş verən hadisələr də bunu göstərdi.
Qanunvericilikdə əlavə və dəyişikliklər etməklə bu problemlərin həllini mümkünsüz sayıram, hesab edirəm ki, yol fərqli olmalıdır. Bu istiqamətdə təbliğat işi gücləndirilməlidir. Qeyri-hökumət təşkilatları üçün son iki ildə büdcədən vəsait ayrılıb və biz bunu hər zaman istəmişik. 2008-ci ilin büdcəsində milyon yarım, bu il 2 milyon 750 min manat vəsait ayrılıb. Bu vəsait artırılmalıdır. Bu istiqamətdə elə bir iş görülməlidir ki, bizim iş adamları bu və ya digər qeyri-hökumət təşkilatına sponsorluq etməyə çəkinməsinlər. Həm də bir ictimai qınaq mühiti yaradılmalıdır. Dediyim kimi, Şimon Peresin Azərbaycana gəlməsinə etiraz eləyən molla-ziyalı qarışığına və bəzi siyasi partiyaların qarışığına cəmiyyətdən böyük bir qınaq görmədim. O mühiti yaratmaq lazımdır ki, insanlarımız onları kəskin şəkildə qınasınlar. Desinlər ki, siz müsəlman təəssübkeşi deyilsiniz, digər dövlətlərin əlaltılarısınız, onların maraqlarına xidmət edirsiniz. Bu mühiti formalaşdıra bilsək, hesab edirəm ki, bu məhdudiyyətləri qanunvericilik qaydasında tətbiq eləməyə ehtiyac qalmayacaq.
Həm də bu məhdudiyyətlərin çoxu Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Biz Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmuşuq. Bizim Konstitusiyaya görə də Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr Azərbaycan Konstitusiyasına zidd deyilsə, Azərbaycan qanunlarından üstün hüquqi qüvvəyə malikdirlər. Əgər biz qeyri-hökumət təşkilatları haqqında bu qanunu bu gün qəbul eləsək, bəri başdan deyim ki, bunun hüquqi qüvvəsi yoxdur.
Ona görə mən hesab edirəm ki, tələsməyək. Nəzərə alaq ki, Azərbaycanda fəaliyyət göstərən iqtidaryönlü, müxalifətyönlü və tamamilə tərəfsiz qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti buna qarşı çıxıb. O zaman gəlin, onların da fikirlərini öyrənək, müzakirələri davam etdirək. Lazım olarsa, payız sessiyasında bu məsələyə qayıdarıq, yenidən baxarıq. Hesab edirəm ki, bu, Azərbaycanın imicinə də mənfi təsir göstərəcək. İstərdim ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərə səs verək, bu, Azərbaycan üçün son dərəcə önəmli bir məsələdir. Amma qeyri-hökumət təşkilatları ilə bağlı məsələni payız sessiyasına saxlayaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, çıxış üçün ayrılan vaxt 20 dəqiqədir də? Çünki dalbadal iki məsələdir.
Sədrlik edən. 10 dəqiqə.
İ. Ağazadə. Çox sağ olun. İlk növbədə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərə münasibətimi bildirirəm. Mən millət vəkillərinin də, qanunu əsaslandırmaq istəyən komitənin də narahatlıqlarını, Azərbaycan dövlətinə bu və ya digər şəkildə xarici dövlətlərdən edilə bilən təhdidləri, bu sahədə xüsusi dövlətlərin işləməsini və sairi başa düşürəm. Amma bu, dini etiqad azadlığı sahəsində fəaliyyət göstərən insanların fəaliyyətinin qarşısını alan və yaxud da onların sidq ürəkdən bu yolu getməsinə mane olan qadağalarla sonunclana bilən bir dəyişikliyə gətirib çıxarmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman gözəl bir söz deyib. Deyib ki, onda Oksfordda, Kembricdə oxuyanlara da dövlət vəzifəsi tutmağa qadağalar qoyaq. Nə fərqi var? O sahədə oxuyub, o universitetdə oxuyub başqa kəşfiyyat orqanları ilə əlaqəli ola bilər. Burada da oxuyub başqa dini qurumlarda başqa dövlətin maraqlarını ifadə eləyə bilər. Bu fərqə görə bu gün xaricdə təhsil alanların ayin yerinə yetirmələrinə qadağa qoyulması doğru deyil.
Əvvəlcə 8-ci maddəyə münasibətimi bildirmək istəyirəm: “İslam dini ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir”. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır. Əgər məscidlər dövlətin balansındadırsa, dövlət qurumu konkret olaraq ona cavabdehlik daşıyırsa, niyə qeyri-hökumət təşkilatı razılaşdırılmalıdır? Yox, əgər bunlar icmalar şəklində qeydiyyatdan keçibsə, məscidlər də həmin icmaların nəzdindədirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nə ixtiyarı var ki, Qafqaz Müsəlmanları İdarəsinə və yaxud da qeyri-hökumət təşkilatına “axund, molla təyin edə bilməzsən” deyə göstəriş versin? Bu, birmənalı göstərir ki, məsələnin mahiyyəti bu qanun layihəsində nəzərdə tutulmamışdan əvvəlki dönəmlər üçün də hələ bütövlükdə aydınlaşdırılmayıb. Azərbaycan hökuməti üçün nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, nə də Qafqaz Müsəlmanları İdarəsinin statusu bəllidir. Bəlli deyil ki, bu strukturlar nə iş görməlidir, niyə görməlidirlər? Bunlar bəlli deyil. Bəlli olsaydı, bu cür qarışıq şəraitdə və bir-biri ilə sanki əməkdaşlıq şəklində razılaşdırılmış formada hər hansı bir təyinata getməzdilər.
Təsəvvür edirsinizmi ki, qeyri-hökumət təşkilatı dövlət qurumu ilə harasa ortaq adamlar təyin edir. Niyə, nədən ötrü? Bu bir icmadır, çoxluğun nümayəndəsidir. Bu, dövlət qurumu deyil, niyə dövlət qurumu ilə razılaşıb adam təyin etməlidir? Bu, Azərbaycan qanunçuluğuna, Konstitusiyaya kökündən zidd bir şeydir. Ola bilsin, bütövlükdə bu, sərbəst buraxmalıdır, Qafqaz Müsəlmanları İdarəsi bu işlə özü məşğul olmalıdır. Amma əslində, doğru olan nədir? Bütün məscidlər, ibadət yerləri icmalar kimi qeydiyyatdan keçiblər, özləri öz rəhbərlərini təyin etməyə azaddırlar. Sadəcə olaraq, əgər hökumət bu məsələlərdə hüquqi prosedurlara nəzarət etməkdə, orada baş verən hər hansı prosesin qarşısını almaqda çətinlik çəkirsə, bu, məsələnin ayrı tərəfidir. Bunu artıq hökumət ciddi şəkildə düşünməlidir.
21-ci maddəyə edilən dəyişikliklərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Qeyd olunur ki, İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Mən qorxuram, bir gün də bizə deyərlər ki, yas yerinizə filankəsi molla aparın. Azərbaycanda dini ayin və mərasimlərin aparılması nə deməkdir? Kimin, ümumiyyətlə, məlumatı var. Bu əlavə və dəyişiklikləri təklif edənlər “dini ayin və mərasim” deyəndə nələri nəzərdə tuturlar və kimlərə qadağa qoyurlar? Nədir bu dini ayin və mərasimlərin aparılması? Cümə namazına gələnlərin önündə dayanmaq, yaxud xütbə oxumaqdırmı? Xaricdə mükəmməl şəkildə dini təhsil alıbsa, niyə gəlib burada oxuya bilməz? Niyə bunu siyasi məsələyə çevirirlər?
Xaricdə təhsil alanda nə olar, adam istəyir ki, ürəkdən Azərbaycan dövlətinə qulluq eləsin. Nəzarətinizi gücləndirmək istəyirsinizsə, gücləndirin, amma vətəndaşların, xüsusən xaricdə təhsil alan vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması, onlara məsuliyyətlər qoyulması, geniş savad almalarının qarşısını almaq üçün müəyyən qadağalar tətbiq etməyin. Hər kəs bilir ki, Bakı İslam Universitetindəki təhsillə Əl-Əhza Universitetindəki təhsilin arasında böyük fərqlər var. Adam Əl-Əhza Universitetində oxuyub, qayıdıb. Çox savadlı, bilikli, həm də vətənini çox sevən bir adamdır, amma taleyini dinə bağlayıb, din sahəsində işləməyə həsr edib. Xaricdə təhsil alıb deyə ona əvvəlcədən vətən xaini damğası vurub, vəzifəyə qoymuruq. Bu, ayrı-seçkilik siyasətidir. Bu, dini azadlığı, vicdan azadlığını boğmaqdır. Mən hər iki maddənin əleyhinəyəm.
Qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi uzun müddətdir, Azərbaycan cəmiyyətində müzakirə olunur. Cəmiyyətin müxtəlif təbəqələri bu məsələyə öz münasibətini bildirirlər. Elə bu sessiyanın əvvəlində gündəlik təqdim olunarkən təklif etdim ki, qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər bugünkü iclasın gündəliyindən çıxarılsın. Ümumiyyətlə, bu tipli dəyişikliklərin edilməsi, hesab edirəm ki, nə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, nə demokratikləşməyə, nə beynəlxalq aləmdə Azərbaycanın imicinə, nə Azərbaycan Konstitusiyasına, nə də Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğundur, hamısı ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
Əvvəla, bu gün qeyri-hökumət təşkilatlarına qeydiyyatdan tutmuş onların fəaliyyətinə qədər məhdudiyyət qoyulur. Qanunun əvvəlində yazılır ki, 3 nəfər birləşərək hər hansı bir qeyri-hökumət təşkilatı təsis edə bilər. Diqqət edirsinizsə, burada “ümumi Azərbaycan birliyi”, “regional birlik”, yaxud da “müəyyən ərazidə fəaliyyət göstərən birlik” təsis edə bilər. Sadəcə, birləşib təsis edə bilər. Amma buna növbəti maddədə məhdudiyyət qoyulur. Ümumi Azərbaycan fəaliyyəti göstərmək üçün bu, inzibati ərazi vahidlərinin azı üçdə birini əhatə etməlidir. Nədir, siyasi partiya yaradır, hakimiyyətə gələcək, yoxsa bələdiyyə seçkilərində iştirak edəcək?
QHT fond deyil. Çox təəssüf ki, fondla QHT-ni eyniləşdirirlər ki, vəsaitinin müəyyən hissəsi olsun. Mən o hissəyə baxdım, ona toxunacağam, amma təəssüf ki, vaxt çox azdır. Bütövlüklə QHT-nin fəlsəfəsi nədir? İnsanlar, 3–5 nəfər doğru bildiyi ideyanı gerçəkləşdirmək üçün donor axtarır, donor tapır. Əgər bu ideya Azərbaycanın Konstitusiyasına, Azərbaycanın ümummilli mənafeyinə, dövlət maraqlarına qanunla uyğun gəlmirsə, bunu dayandırmağın yolları var. Cinayət Məcəlləsi var. Bu cür qadağalar Azərbaycan vətəndaşlarının ideyasını, fikrini gerçəkləşdirmək üçün donor axtarmağa hər hansı bir məhdudiyyət qoya bilməz. QHT-nin fəaliyyəti bundan ibarətdir. Onun başqa hansı fəaliyyət növü var? Yazılır ki, əmlakın 50 faizdən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz. Birinci, burada əmlakla pul qrantları və onun həyata keçirdiyi layihələrin miqdarı qarışdırılır. Layihələrin 50 faizinin miqdarını özü qoyursa, bu, fond deyil. Bunun əvvəlcədən bəlli olmuş fondu, birliyi, kommersiya strukturları yoxdur. Özü də qeyd edirsiniz ki, vəsaitin 50 faizdən artıq hissəsi kommersiya fəaliyyəti nəticəsində əldə edilmişdirsə, bu, kommersiya strukturu kimi qeydiyyatdan keçməlidir. Deyirsiniz ki, bütövə dəymə, yarımçığa toxunma, doğra, doyunca ye! 50 faiz olsa, kommersiya strukturu olur və 50 faiz özününkü olmalıdır, xaricdən ala bilməz. Neyləsin bu? O büdcə hansı şəkildə formalaşacaq? Necə alacaq bu kapitalı? Bu insanlar qeyri-hökumət təşkilatında birləşərək bütövlükdə beyinlərinin məhsullarını dövlət üçün, region üçün, millət üçün, dünya üçün, təhlükəsizlik üçün, sağlamlıq, ekologiya üçün ideya şəklində verib, onun gerçəkləşdirilməsində maraqlı olan donor təşkilatları tapırlar. Azərbaycan hökuməti, səlahiyyətli qurumlar hesab edirsə ki, bu, Azərbaycan dövlətinin, millətinin mənafelərinə xidmət etmir, qanunla nəzərdə tutulmayıb...
Sədrlik edən. İqbal Ağazadə, iki cümlə bundan qabaq dediyin sözlər Azərbaycanın xeyrinə olsaydı, mən ikiəlli sənə səs verərdim. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Həqiqətən də, bu gün qeyri-hökumət təşkilatları üçün vacib bir məsələ gündəmə çıxarılıb. Mən istərdim ki, qanun layihəsinə toxunmamışdan öncə bir məsələyə diqqətinizi cəlb edəm. O da ondan ibarətdir ki, bu gün bəzi qurumlar, xüsusilə siyasi partiyalar qeyri-hökumət təşkilatlarının havadarları və xilaskarı kimi çıxış edirlər. Mən hesab edirəm, iki səbəbə görə buna ehtiyac yoxdur. Birinci, qeyri-hökumət təşkilatları öz hüquq və mənafelərini müdafiə etməyə qadirdirlər. İkinci də, qeyri-hökumət təşkilatlarının arxasında dövlət dayanıb və onların mənafeyini bilavasitə dövlət qoruyur. Cənab Prezidentin burada sadalanan istər 2007-ci il, istərsə də 2008-ci il fərman və sərəncamları konkret olaraq bunun bariz nümunələridir. Ona görə də hesab etmirəm ki, qeyri-hökumət təşkilatlarının məsələsinə siyasi rəng qatmaqla nəyəsə nail olmaq olar.
O ki qaldı bugünkü əlavələr və dəyişikliklərə, bu barədə mən, əlbəttə ki, bir deputat olaraq, həm şəxsi mövqeyimi, həm də Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mövqeyini bildirmək istəyirəm. Ona görə ki, neçə müddətdir mətbuat, QHT-lər şuradan mövqe, konkret münasibət istəyirlər. Mən hesab edirəm ki, bu gün artıq rəsmi mövqeyimizi millət vəkillərinə və ictimaiyyətə təqdim etməyin vaxtıdır.
Şuranın və bizim ekspertlərin mövqeyinə görə, ümumiyyətlə, təklif olunan əlavələr və dəyişiklikləri üç qrupa bölmək olar. Birinci qrup, hesab edirəm, texniki xarakter daşıyır, əsas niyyət müəyyən dəqiqləşdirmələr aparmaqdır.
İkinci qrup əlavə və dəyişikliklər bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir, çox vacibdir və biz bunu burada səsləndirəcəyik.
Üçüncü qrup təkliflər QHT sektorunda müəyyən narazılıqlar, problemlər yarada bilər. Bu barədə fikrimizi söyləyəcəyik. Hörmətli millət vəkilləri, mən texniki xarakterli məsələlərə toxunub vaxtınızı almaq istəmirəm. Ona görə də bunun müsbət tərəfi ilə bağlı bəzi fikirləri söyləmək istəyirəm.
Birinci, yəqin, hamımız etiraf edirik və razılaşırıq ki, Azərbaycanda QHT qanunvericiliyi təkmilləşməlidir. İstənilən QHT sektorunun nümayəndəsindən bunu soruşsanız, qəbul edər. Ona görə ki, 9 il bundan öncə qəbul olunan qanun, əlbəttə ki, vətəndaş cəmiyyətinin inkişaf tempinə uyğunlaşmalıdır. Vətəndaş cəmiyyəti son illər çox böyük uğurlar qazanıb. Bu məsələlərlə vaxtınızı almaq istəmirəm, amma bunun zəruri olduğunu vurğulamaq lazımdır.
Ən maraqlı tərəflərdən biri ondan ibarətdir ki, nəhayət, bizim dəfələrlə qaldırdığımız məsələlərdən birinə, yəni qeyri-hökumət təşkilatlarının adlarında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından istifadəyə yasaq qoyulur. Təsəvvür edin ki, QHT yaradaq, adını “Azərbaycan Respublikasının filan qrupunun hüquqlarının müdafiəsi cəmiyyəti” və yaxud da hər hansı bir ekoloji təşkilat qoyaq. Azərbaycan Respublikasının adından istifadə olunmamalıdır. İkinci, tanınmış Azərbaycan şəxsiyyətlərinin adlarından onun özlərinin və yaxud da vərəsələrinin, yaxınlarının razılığı olmadan istifadə olunma məsələsi. Məncə, burada ciddi məntiq var, bunu müdafiə etmək lazımdır.
Mən fondla bağlı məsələni demək istəyirəm. Bəli, fond, doğrudan da, “Qeyri-hökumət təşkilatı (ictimai birliklər və fondlar) haqqında” Qanunun bilavasitə predmeti olsa da, bizim qəbul etdiyimiz klassik QHT deyildir. Ona görə burada fondun nizamnamə kapitalının olması çox təbiidir. Ümumiyyətlə, fondun yaradılmasına tələblərin artırılmasını biz dəstəkləməliyik. Məsələn, burada 50 min manat nizamnamə kapitalının olması tələbi qoyulur. Mən sizə məlumat üçün deyim ki, Avropa ölkələrində bu, 100 min avrodur. Ona görə mən bunu müsbət hal hesab edirəm.
12.3-cü maddədə dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi qeyd olunub. Mən bu maddəni oxuyub vaxtınızı almaq istəmirəm. Ümumiyyətlə, Azərbaycanın milli maraqlarını təhdid edən ideyalar əsasında yaranan hər hansı bir təsisatın qadağan olunması məsələsidir. Düzdür, deyilə bilər ki, bu, Konstitusiyada var, amma bunun bilavasitə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə gətirilməsində zərərli bir şey yoxdur. Bunu, əlbəttə ki, çox ciddi şəkildə dəstəkləmək lazımdır. O ki qaldı bizi narahat edən, ümumiyyətlə, təkliflərimizin müəyyən mənada təkmilləşdirilməsinə olan ehtiyaca, hörmətli millət vəkilləri, istərdim, bu barədə sizə öz fikrimi bildirəm.
Birinci, 6.2-ci maddəyə toxunmaq istəyirəm. “Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi”. Əlbəttə, biz onu qəbul etməliyik, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün tam müstəqil şərait yaradılmalıdır, qeyri-hökumət təşkilatlarının regionlarda fəaliyyəti dəstəklənməlidir. Amma gəlin, etiraf edək ki, bu gün Azərbaycanın üçdə bir ərazi vahidində qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliyinin yaradılması bir qanuni tələb kimi qoyulursa və üstəlik onların dövlət reyestrinə salınması bilavasitə irəli sürülürsə, bu, əlbəttə ki, bir az ağırlaşdırıcı hal ola bilər. Ona görə də şuranın təklifi ondan ibarətdir ki, inzibati ərazi vahidi məsələsi qalsın, amma üçdə birində yox, ən azı on ərazi vahidində bu, yaradıla bilər. Amma bunların məcburi dövlət reyestrinə salınması məsələsi olmasın, çünki məcburilik olarsa, orada müəyyən sui-istifadə halları baş verə bilər. Sadəcə olaraq, nümayəndəlik və filiallar yaradır və bununla bağlı müvafiq icra hakimiyyətinə təklif verir.
7.1-ci maddəyə mən zatən toxundum. Burada da filialların yaradılması və bu barədə yalnız müvafiq məlumatın verilməsindən bəhs edilir. Ona görə də mən bunu geniş şərh etmək istəməzdim.
Bizim növbəti təklifimiz 9.3-cü maddəyədir. Hörmətli Əli müəllim də qeyd etdi, qanun pozuntularına görə müəyyən inzibati cəza nəzərdə tutulub. QHT təsisçisinin QHT yaratmaq hüququ 5 il müddətinə əlindən alınır. Əlbəttə ki, biz bütövlükdə bu cür sanksiyalara etiraz etmirik, çünki şuranın əsasnaməsində də şuranın qərarlarını və ümumiyyətlə, qanunları pozan qeyri-hökumət təşkilatlarına 2 il müddətində şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək qadağan olunur. Belə bir məhdudiyyət var. Mən hesab edirəm, 5 ili 2 ilə endirmək olar.
Mən 10.4-cü maddənin qanun layihəsindən çıxarılmasının tərəfdarıyam, çünki bu maddədə söhbət üzvlərin reyestrindən gedir. Reyestrlərin aparılması bütövlükdə böyük bir prosedurdur. Yüzlərcə, minlərcə insan özləri haqqında məlumat verəcəksə, bu, böyük bir problem yaradacaq. Mən bunun çıxarılmasının tərəfdarıyam. Yeri gəlmişkən, sizə deyim ki, hörmətli Əli müəllimin qeyd etdiyi kimi, biz bu məsələləri maddə-maddə Əli müəllimin rəhbərlik etdiyi komitədə müzakirə etmişik. Hesab edirəm ki, bu məsələlər ətrafında diskussiyamızı davam etdirməliyik.
Şuranın 12.4-cü maddə ilə bağlı da təklifi var. Dövlət qeydiyyatına alınmış digər qeyri-hökumət təşkilatı ilə eyni ada malik olan qeyri-hökumət təşkilatlarının yaradılmasına yol verilmir. Buradan, sadəcə olaraq, “adı əhalini yanılda bilən” sözlərinin çıxarılması vacibdir, çünki bu ifadə ən müxtəlif formada şərh oluna bilər. Bu ifadə çıxarılarsa, yerdə qalan, əlbəttə ki, çox doğrudur, biz onu rəsmi şəkildə vermişik.
Maddə 12.5. Bu gün hamımızı, xüsusilə xarici qeyri-hökumət təşkilatlarını narahat edən məsələlərdən biri odur ki, hər hansı bir xarici qeyri-hökumət təşkilatının Azərbaycanda fəaliyyəti dövlətlərarası ikitərəfli müqavilə ilə tənzimlənməlidir. Mən hesab edirəm, burada çox mütərəqqi bir məsələ var. Əslində, biz burada iki məsələni bir-birindən ayırmalıyıq. Bir var, dövlət büdcəsi tərəfindən maliyyələşən xarici qeyri-hökumət təşkilatları, bir də var, ayrı-ayrı şəxslər tərəfindən maliyyələşənlər, məsələn, Bill Qeyts fondu və yaxud başqa-başqa qurumlar. Bizim düşüncəmizə görə, onlar, əlbəttə ki, fərqlənməlidirlər. Amma dövlət büdcəsi tərəfindən maliyyələşən qurumların fəaliyyəti mütləq şəkildə ikitərəfli müqavilə əsasında tənzimlənməlidir? Niyə? Bunun konkret örnəyini deyim. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan hökuməti arasında 2001-ci ildə bağlanmış müvafiq sazişə əsasən Amerika Birləşmiş Ştatlarının dövlət büdcəsi ilə maliyyələşən qeyri-hökumət təşkilatları çox geniş şəkildə Azərbaycanda fəaliyyət göstərirlər. Hətta onlar Azərbaycanın milli QHT-lərindən fərqli olaraq bir çox imtiyazlara malikdirlər. Onlar 22 faiz vergi ödəmirlər. Ona görə də bu tənzimləmə, hesab edirəm, digər ölkələrdə də təmin olunmalıdır və yalnız dövlət büdcəsindən maliyyələşən qeyri-hökumət təşkilatlarına ikitərəfli müqavilələr əsasında şərait yaradılmalıdır.
13.3-cü maddə ilə bağlı hesab edirik ki, ümumiyyətlə, nəzarət sistemi bizim müvafiq qanunvericiliyimizdə mövcuddur və ona görə də bunun çıxarılmasında fayda var. Çünki bu, maddənin ağırlaşdırılmasına gətirib çıxara bilər.
16.4-cü maddədə yazılır ki, yalnız hüquqi şəxs kimi dövlət qeydiyyatından keçən QHT-lər fəaliyyət göstərə bilərlər. Mən millət vəkillərindən xahiş edirəm, bir az səbirli olsunlar, çünki ciddi məsələ müzakirə olunur, qeyri-hökumət təşkilatlarının qeydiyyatının ciddi şəkildə sistemləşdirilməsindən söhbət gedir. Bəli, mən onun tərəfdarıyam ki, QHT-lərin qeydiyyatı tam şəkildə həyata keçirilməlidir. Ümumiyyətlə, qeydiyyatdan keçən təşkilat şəffaf olur. Şəffaf olmayan qeyri-hökumət təşkilatı heç vaxt qeydiyyata maraqlı olmur, çünki qeydiyyata alınırsa, hüquqi refrezit əldə edir, bank hesabı olur, bütün fəaliyyətini bank vasitəsilə həyata keçirir. Ona görə də mən həmkarlarımdan xahiş edirəm ki, qanunun bu müddəasını dəstəkləsinlər.
Sədrlik edən. Çox sağ olun. Gələn iclasda müzakirəni bu siyahı ilə davam etdirəcəyik. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU