30.09.2009 - tarixli iclasın stenoqramı

MİLLİ  MƏCLİSİN  İCLASI

30 sentyabr 2009-cu il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir


Sədrlik edən. Milli Məclisin 2009-cu il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli deputatlar, payız sessiyasının başlanması münasibətilə sizi təbrik edir, bu sessiyada hamınıza uğurlu iş arzulayıram.
Mən hesab edirəm ki, biz payız sessiyasını xoş əhvali-ruhiyyə ilə başlayacağıq. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin yeni inzibati binasının açılışını etdi. Ölkəmizdə aparılan quruculuq işləri sırasında Milli Məclisin yeni binasının açılışı dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin bariz nümunəsidir.
Yeni inzibati binada deputatların işləməsi üçün hər cür şərait yaradılıb, bütün deputatlar üçün ayrıca iş otaqları ayrılıb. Yeni binada müxtəlif tədbirlər, komitə iclasları, seminarlar keçirmək üçün dörd zal, yüz min kitab saxlamaq üçün arxiv, iki qiraət zalı, birinci mərtəbədə böyük şüşəli salon, eləcə də geniş tərkibdə tədbirlər keçirmək, rəsmi qonaqlar qəbul eləmək üçün 15-ci mərtəbədə möhtəşəm bir salon tikilmişdir. Bunlar hamısı sizin ixtiyarınızdadır. Artıq Milli Məclisin deputatları, komitə sədrləri mərtəbələrini bilirlər, bu gündən başlayaraq öz iş otaqlarına keçə bilərlər. (Alqışlar.)
Hörmətli deputatlar, bildiyiniz kimi, Milli Məclis 2009-cu ilin yaz sessiyasında və növbədənkənar sessiyada dövlətimizin qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün çox vacib olan 99 qanun və qərar qəbul etmişdir. Parlamentin beynəlxalq əlaqələri də çox inkişaf etmişdir. Ötən sessiya ərzində 29 ölkəyə 40-dan çox nümayəndə heyətimiz getmiş, üzv olduğumuz beynəlxalq təşkilatların tədbirlərində iştirak etmişdir. Eləcə də müxtəlif beynəlxalq təşkilatların və parlamentlərin 50-dən çox nümayəndə heyəti Azərbaycan parlamentində qonaq olmuşdur.
Dünən Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclası keçirildi. Bu gün Qırğızıstan parlamentinin nümayəndələri burada qonaq qismində iştirak edirlər. Onları Milli Məclisdə salamlayaq. (Alqışlar.) Nəhayət, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması arzusu da həyata keçirildi. Bir şeyi də nəzərinizə çatdırım ki, Parlament Assambleyası Katibliyinin qərargahı Bakı şəhərində yerləşəcəkdir.
Hörmətli deputatlar, bu gün biz III çağırış Milli Məclisin fəaliyyətinin sonuncu ilinə qədəm qoyuruq. İki sessiyamız qalıb. Ona görə də arzu edərdim ki, bu iki sessiyada daha səmərəli işləyək. Payız sessiyasında bizi gərgin iş gözləyir. İşlər planı hazırdır. Payız sessiyasında dövlət büdcəsinin layihəsinə, eləcə də büdcə zərfinə daxil olan digər sənədlərə baxacağıq.
Hörmətli deputatlar, əminəm ki, Milli Məclis payız sessiyasını daha böyük nailiyyətlərlə başa vuracaq. Bu sessiyada sizin hamınıza uğurlar arzulayıram. (Alqışlar.)
İndi isə icazə versəniz, gündəliyə keçərdik. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.15 dəq.)
İştirak edir 104
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1  
İştirak edir  103
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Pənah bəy, köhnə vərdişin qalıb, yerindən əl qaldırmasan, olmaz. Gözlə, sözümüzü deyək də. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu müzakirədə iki məsələyə toxunmaq istəyirəm. Dünyada qlobal istiləşmə prosesinin nəticəsi olaraq Filippində, Amerikada, Afrikada, hətta qonşu Türkiyədə sel fəlakətləri ciddi nəticələr doğurur. Dünən Bakıda azacıq yağış yağdı, amma bu yağışdan sonra bütün yolların kənarında su gölməçələri yarandı. Bu, narahatlıq doğurur, çünki yağış normadan artıq düşdükcə Bakı şəhərində çox fəlakətli bir vəziyyət yarana bilər. İki il öncə bizdə artıq belə bir hal yaşanıb, küçələri su basıb, bütün yollar bağlanıb. Bizdə kommunikasiya xətləri elə çəkilib ki, bunu hər an gözləmək olar. Ona görə mən hesab edirəm ki, Nazirlər Kabineti indidən bu istiqamətdə ciddi tədbirlər görməli, təbii fəlakətlə bağlı bütün hazırlıq işləri aparılmalıdır ki, əhali bu prosesdən böyük ziyanla çıxmasın. Allah eləsin ki, bizdə yağış ciddi fəsadlara səbəb olmasın, amma dünənki yağışdan sonra yollarda vəziyyəti gördüyümüzə, yolların çəkilişində problemlərin olduğunu bildiyimizə görə hesab edirəm ki, baş verə biləcək arzuolunmaz halların qarşısını almaq üçün zəruri hazırlıq işlərini indidən görməliyik.
Vacib məsələlərdən biri də tədrislə bağlı məsələdir. Bizdə qərar qəbul olunub ki, dərslər 15 sentyabrdan başlasın. Bizim bir hadisəni, bir prosesi dəyişməyimiz üçün bəzən bir il az sayılır. Ona görə mən bunu indidən deyirəm. Qarşıda bir il var. O müddətdə bunu müzakirə eləyib qərar qəbul eləməliyik. Niyə dərslər 1 sentyabrdan başlamır? Onsuz da avqust ayında havalar sərin keçir. Dərs ilinin 15 gün gec başlaması şagird və tələbələrin çox vaxt itirməsinə gətirib çıxarır. Ona görə istəyirəm ki, Təhsil Nazirliyi və müvafiq qurumlar dərslərin 1 sentyabrdan başlanması məsələsini müzakirə edərək normal təhsil prosedurunun başlamasına imkan yaratsınlar və bu da tədris ritminin pozulmasının qarşısını alsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli Oqtay müəllim, mən ilk növbədə bütün deputat həmkarlarımı payız sessiyasının başlanması münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı və işlərində uğurlar diləyirəm.
Son illər Azərbaycan parlamentinin maddi-texniki bazasının yaxşılaşdırılmasına qayğı göz qabağındadır. Bu müddətdə bizim hamımıza köməkçi ştatı verildi, plenar iclas zalı qısa müddətdə çox yüksək səviyyədə təmir olundu. Ən böyük hadisələrdən biri də möhtərəm Prezidentimizin qayğısı nəticəsində ərsəyə gələn yeni korpusun istismara verilməsidir. Bu gün dünyanın çox az ölkəsində elə parlament ola bilər ki, Azərbaycan parlamenti kimi belə maddi-texniki bazası, belə şəraiti olsun. Hazırda ölkəmizdə qonaq olan türkdilli ölkələrin parlament nümayəndə heyətləri bizim parlamentə valeh olduqlarını gizlətmirlər. Mən istəyirəm, Milli Məclis adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirək. Biz onun parlamentə diqqət və qayğısını həmişə hər addımda hiss edirik.
Mən bu binanın çox qısa müddətdə, çox yüksək keyfiyyətlə tikilib başa çatdırılmasında Oqtay müəllimin zəhmətini xüsusi vurğulamaq istəyirəm. Yay tətili dövründə biz hamımız istirahət edərkən Oqtay müəllimin rəhbərliyi ilə buradakı qurumlar yeni korpusun istismara verilməsi və bizim burada, heç olmasa, bir il işləməyimiz üçün gecə-gündüz çalışır, əllərindən gələni edirdilər. Oqtay müəllim, bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.
Bugünkü iş planı, əlbəttə, məqbul plandır. Lakin mənim fikrimcə, onu bir qədər də genişləndirmək, ona bir sıra başqa məsələləri də daxil etmək olar. Sevindirici haldır ki, biz son vaxtlar Azərbaycan parlamentində reallıqlardan çıxış edir, baxılan məsələlərin sayını artırmaqla yox, daha məqbul, daha aktual, daha real məsələlərin müzakirəsi ilə məşğul oluruq. Məncə, bir sıra qanunlara əlavələr və dəyişikliklərin edilməsi də bu gün həllini gözləyən məsələlərdəndir.
Mən bir daha deputat həmkarlarımı yeni sessiyanın başlanması münasibətilə təbrik edir, Oqtay müəllim, Sizə deputat həmkarlarım və öz adımdan minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hamını yaz sessiyasının başlanması münasibətilə təbrik edirəm. İnanıram ki, bu sessiyada xalqımız, millətimiz, dövlətimiz naminə çox ciddi qərarlar qəbul edəcəyik. Təbii ki, Milli Məclisin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında danışanda gündəliyə əlavə və təkliflərimi verəcəyəm. Amma bu çıxışımda heç də indiyə qədər səslənməyən və daha çox üzərindən keçilən məsələ barədə fikrimi bildirmək istəyirəm.
Uzun zamandır ki, Azərbaycanda sənətkarlara, sənət adamlarına fəxri adlar verilir və biz tez-tez sənətkarlara belə adların verilməsi ilə bağlı Prezident fərmanlarını eşidirik. Əlbəttə, bu, Prezidentin Konstitusiya ilə verilmiş müstəsna səlahiyyətidir və Prezident, təbii ki, bu sahədə fəxri adların verilməsi işi ilə məşğul olanların təqdim etdiyi siyahı əsasında nələrisə təsdiq edir. Amma çox qəribə, paradoksal hallar yaranır. Ömründə yarım saat səhnədə çıxış eləməyən, canlı ifası ilə qəlblərə yol tapmayan adamlara respublikanın əməkdar artisti, xalq artisti adları verilir. Adam tarixə nəzər salır, Bülbülü, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Sara Qədimovanı yada salır, canlı korifeyimiz Zeynəb xanım Xanlarovaya baxır və düşünür ki, bu gün xalq artisti adı niyə belə ucuz tutulur? Bəzən elə adamlara xalq artisti adı verilir ki, nəinki sənəti, əxlaqı və mənəviyyatı ilə nümunə ola bilməz, ümumiyyətlə, efirə buraxılmalı deyil. Bir neçə deputat mədəniyyət nazirinə də, mədəniyyət nazirinin müavininə də bununla bağlı rəsmi məktub göndərmişdi. Azərbaycan muğam sənətində 60 il külüng çalan Süleyman Abdullayev dəfələrlə müraciət olunmasına baxmayaraq, əməkdar artist belə deyil. Amma efirdə üst-üstə yarım saat konserti olmayan, şit sözləri və bayağı musiqisi ilə yalnız zövqləri korlayan ifaçıların adlarını yazıb Prezidentin stolunun üstünə qoyurlar.
Düşünürəm, bu sahədə vəziyyəti nizama salmaq üçün ya bir bədii şura, ya da hansısa bir formada komissiya yaratmaq lazımdır ki, Azərbaycanda sənəti də, sənətkarlığı da doğru-dürüst qiymətləndirsin. Yoxsa Zeynəb xanım da xalq artistidir, sənəti, sənətkarlığı bilinməyən, repertuarı və ifası ilə Azərbaycan dinləyicisinin zövqünü oxşamayan adamlar da. Nəhayət ki, bir normal şura fəaliyyət göstərməli, ya da bütün bu adların hamısı bütövlükdə ləğv olunmalıdır. Heç bir fəxri ad sistemi olmamalıdır. Mən hesab edirəm ki, buna əvvəl-axır cavabdeh olan insanların özünə də bir komissiya şəklində nəzarət olunmalıdır. Azərbaycan səhnəsini və efirini zövqsüz sənət adamları ilə, verilən fəxri adlara layiq olmayan xalq artistləri və əməkdar artistlərlə doldurmaq lazım deyil.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən də payız mövsümünün başlanması münasibətilə millət vəkillərimizi təbrik edirəm və yeni binanın istifadəyə verilməsi ilə bağlı respublika rəhbərliyinə, şəxsən Sizə, Oqtay müəllim, təşəkkür edirəm ki, belə gərgin bir şəraitdə böyük sürətlə müasir standartlara uyğun olan gözəl bir bina tikdiniz, istifadəyə verdiniz. Bu Sizin adınızla bağlı qalacaq.
Məni narahat eləyən bir sıra məsələlər barədə fikir mübadiləsi etmək istəyirəm. Birincisi, bizim çağırışın vaxtının qurtarmasına, Oqtay müəllim, Siz də dediniz ki, bir il qalır. Bu dörd il ərzində biz deputat-məmur münasibətlərini qaydaya sala bilmədik. İnanın ki, Oqtay müəllim, Azərbaycan Respublikasında Prezident ilə əlaqə yaratmaq daha asandır, nəinki nazirlərlə. Bir qayda olaraq, hərə öz otağında nömrə müəyyənedici telefon aparatı qoyur, istədiyi adama cavab verir, istəmədiyi adama cavab vermir və sonra da axtarmır ki, bu deputat nə səbəbə zəng eləmişdi. Bu, tək mənim fikrim deyil, burada oturan bir çox deputatların fikridir. Aylarla yüksək vəzifəli məmurların qəbuluna düşmək, bizə gələn ərizə və şikayətləri onlarla müzakirə edib qərarlar qəbul etmək, sadəcə olaraq, mümkün deyildir.
Bir neçə kəlmə də həbs olunmuş jurnalistlərlə bağlı demək istəyirəm. Oqtay müəllim, bu günlərdə Azərbaycan ictimaiyyəti şahid oldu ki, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidi kim tutdurub. Sadəcə olaraq, bu, rüsvayçılıqdır ki, hüquq mühafizə orqanları yüngül həyat tərzi keçirən, yeri məlum olmayan, narkotiklərlə bağlı olan və axtarışda olan bir adamı gətirib Qənimət Zahidin üzünə durdurdular, onu şərlədilər, tutdurdular. İndi artıq polis həmin adamın özünü həbs eləyibdir. Yeri gəlmişkən, bu adam Qənimət Zahidə şər atanda da, məhkəməyə gələndə də axtarışda idi və onun şəkli polis idarələrində, orqanlarında axtarışda olan adamların sırasında idi. Eynulla da təxminən bunun ayrı bir formasında həbs olunubdur. Bu günlər iki cavan oğlan – Adnan Hacızadə və Emin Milli ilə bağlı məhkəmə prosesi gedir. Oqtay müəllim, mən bir deputat kimi gedib orada iştirak edirəm, xəcalət çəkirəm ki, bizim hüquq mühafizə orqanları istedadlı gəncləri saxta cinayət əməlləri törətməkdə təqsirləndirməkdən ötrü necə böyük saxtakarlıqlara yol verirlər. Bu adamlar haqqında qərar qəbul etmək...
Sədrlik edən. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də Milli Məclisin payız sessiyasının ilk günü münasibətilə hörmətli həmkarlarımı təbrik edir və bütövlükdə Milli Məclisə öz işində uğurlar arzulayıram. Həqiqətən də, cənab Sədr, Siz çox doğru buyurdunuz ki, Milli Məclis bu il öz fəaliyyətində yeni bir mərhələyə qədəm qoyur. Milli Məclisin imkanları genişlənir, çox yüksək səviyyədə müasir standartlara cavab verən əlavə bir bina inşa edilibdir. Mən hesab edirəm ki, bu, təkcə bir binanın inşası deyil, bütövlükdə Azərbaycanda parlamentarizmin inkişafı baxımından çox önəmli bir hadisədir. Şübhəsiz ki, Milli Məclisin işinin yüksək səviyyədə qurulmasında və bu binanın inşasında cənab Prezidentin böyük zəhməti var. Mən istərdim, cənab Prezidentə də təşəkkür edək ki, dövlət başçısı kimi Milli Məclisə belə bir diqqət ayırıbdır. Əlbəttə, Oqtay müəllim, Sizə də minnətdarıq ki, bu işi yüksək səviyyədə həyata keçirdiniz və Milli Məclisin üzvləri üçün daha gözəl şərait yaratdınız.
Şübhəsiz, payız sessiyasında biz çox önəmli və əhəmiyyətli məsələlər müzakirə edəcəyik. Mən hesab edirəm ki, payız sessiyasının gündəliyində olan qanun layihələri çox vacibdir. Amma əgər icazə versəniz, bir neçə təkliflə də mən çıxış edərdim. Bilirsiniz ki, hələ bir neçə müddət öncə xüsusilə Sosial siyasət komitəsində Sosial sifariş qanunu haqqında müəyyən müzakirələr getdi. Hadi müəllim bu qanun layihəsi barədə bir neçə dəfə çıxış edib. Bizim də bununla bağlı təkliflərimiz olubdur. Mənə belə gəlir ki, Sosial sifariş haqqında qanun layihəsi yenidən gündəmə gəlsə, yaxşı olar. Çünki buna böyük ehtiyac var və bu sahədə bir çox məsələlər tənzimlənməlidir. Ona görə də əgər mümkün olsa idi, bu məsələyə də biz baxardıq.
İkinci təklifim xeyriyyəçilik fəaliyyəti haqqında qanun layihəsi ilə əlaqədardır. Bilirsiniz ki, Məclisə bununla da bağlı qanun layihəsi təqdim olunubdur. Düşünürəm ki, bu fəaliyyət də Azərbaycanda kifayət qədər tənzimlənməyib. Bəzən xeyriyyəçiliklə hər hansı bir ianə ayırma fəaliyyəti qarışdırılır və bəzi qurumlar xeyriyyəçiliyin bütövlükdə nə demək olduğunu, mahiyyətini düzgün qiymətləndirmirlər. Ona görə də bu qanun layihəsinin də, mənə belə gəlir ki, gündəmə salınmasına ehtiyac var. Bütövlükdə isə mən hesab edirəm ki, bugünkü gündəlikdə olan qanunvericilik işləri planına səs vermək lazımdır və mən də ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Mən də çıxışımı parlamentin payız sessiyasının yeni inzibati korpusun istifadəyə verilməsi şəraitində başlanması münasibətilə hamınızı təbrik eləməklə başlamaq istəyirəm. Mən də o fikirləri bölüşürəm ki, Milli Məclisin və eyni zamanda, millətimizin həyatında çox mühüm bir hadisə idi ki, parlamentin bu inzibati korpusu istifadəyə verildi və deputatlar üçün yaxşı şərait yaradıldı ki, onlar millət üçün daha yaxşı işləyə bilsinlər.
Cənab Sədr, parlament tətildə olduğu dövrdə Azərbaycan cəmiyyətinin həyati maraqları ilə bağlı olan mühüm bir məsələ bir daha gündəmə qayıtmış oldu. Bu da İsveçrədə Türkiyə və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində razılaşdırılmış protokolların işıq üzü görməsi idi. Bundan sonrakı dönəmdə baş verənlər hamımızın gözü qarşısında olubdur. Lakin mənim indi bu məsələni gündəmə gətirməkdə niyyətim bir neçə məsələni vurğulamaqdır.
Türkiyə siyasi elitasının bugünkü yönləndiriciləri bəyan edirlər ki, Azərbaycan insanları narahat olmasınlar, Bakıda verilən vədlər yerində qalır. Amma paralel şəkildə oktyabrın 10-a çox ciddi hazırlıqlar görülməkdədir və həmin sənədlərin Türkiyədə və çox güman ki, Ermənistanda imzalanacağı gözləniləndir. Bu şəraitdə Qafqazda sülh layihəsi adı altında proseslər elə cərəyan edə bilər ki, bu, Azərbaycanın milli maraqlarına, təhlükəsizlik maraqlarına bu və ya digər formada mənfi təsir göstərə bilər.
Bir müddət əvvəl Azərbaycan xalqının etirazı, Azərbaycanın dövlət başçısının sərt reaksiyası və türk cəmiyyətinin bura qoşulması bu prosesi birinci raundda qələbə ilə başa vurmağa imkan verdi. Amma bu layihə bitməyib, bunu təkrar gündəmə qaytarıblar və biz bilməliyik ki, çox böyük siyasi dəyişikliklər qarşısındayıq. Ona görə də mən hesab edirəm ki, Türkiyənin rəhbər nümayəndələrinin, Mehmed Əli Şahinin və digər siyasi yetkililərin Azərbaycana gəlib, rahatlayıcı bəyanatlar verməsinə baxmayaraq, biz Türkiyə cəmiyyətinə, türk siyasi elitasına bir daha müraciət etməliyik. Türkiyə Ermənistanla imzalayacağı sənəddən əvvəl Azərbaycanla yol xəritəsini imzalamalıdır. Türkiyənin istənilən siyasi iqtidarları bilməlidirlər ki, onların atacağı addımların dəqiq çərçivəsi, dəqiq sərhədi var. Türkiyə hökuməti yol xəritəsini birinci bizimlə imzalamalıdır. Mən parlament üzvü olaraq, bu təşəbbüslə çıxış edirəm. Çünki bütün münasibətləri hüquq üzərində, çərçivə sənədləri üzərində təsbit edəndə iqtidarlar ona tabe olacaqlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən də payız sessiyasının başlanması münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Təbii ki, mən də həmkarlarım kimi, bu gün bizim istifadəmizə verilən ikinci korpus haqqında, bu binanın gözəlliyi və zövqlə tikilməsi barədə danışmaya bilmərəm. Mən ilk öncə möhtərəm Prezidentimizin bizə olan diqqəti, qayğısı üçün ona öz dərin minnətdarlığımı bildirirəm. Onun dəstəyi ilə bu gözəl bina bizə təhvil verilib.
Hörmətli deputat həmkarlarımın bir çoxundan fərqli olaraq, mən yayda, demək olar ki, burada olmuşam. Hər gün də işə gəlirdim. Mən gördüyümü deyirəm. Bizim hörmətli Sədrimiz Oqtay müəllim, inanın ki, parlamentin Sədri kimi yox, o tikintinin sanki bir prorabı kimi özü hər şeyə göstəriş verirdi. Yayda biz istirahət eləmişik, amma Oqtay müəllim bizim üçün iş şəraiti yaradıb. Bu özü də bizim boynumuza böyük məsuliyyət qoyur. O baxımdan ki, biz gərək bu şəraitdən istifadə edərək, işimizdə daha yüksək göstəricilərə nail olaq. Oqtay müəllim, Siz gələn il istifadəyə veriləcək bu binanı bu il istifadəyə verdiniz ki, heç olmasa, bir il bizim deputat həmkarlarımız orada otursunlar. Siz millət vəkilləri qarşısında öz borcunuzu yerinə yetirdiniz, bizə böyük diqqət, qayğı göstərdiniz. Mən Sizə bu yaratdığınız iş şəraitinə görə öz dərin minnətdarlığımı bildirirəm.
İkinci məsələ. Bu il bizim üçün əlamətdar bir ildir. Bu il Naxçıvan Muxtar Respublikasının 85 illiyi tamam olub. Bu 85 illiklə əlaqədar olaraq 4 avqustda Naxçıvanda çox böyük, əzəmətli bir yubiley keçirildi. Yubileydə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti çox hörmətli deputat həmkarımız Mehriban xanım Əliyevanın iştirak eləməsi blokadada olan Naxçıvan əhalisinə böyük diqqət və qayğının daha bir nişanəsi idi. Bu yubiley çox yüksək səviyyədə keçirildi. Azərbaycanın bütün nazirləri və Bakı, Sumqayıt, Gəncə şəhərlərinin icra hakimiyyəti başçıları orada iştirak elədilər. Hamı gördü ki, Naxçıvanda nə qədər böyük quruculuq, abadlıq işləri həyata keçirilib.
Məncə, Naxçıvanın bu təcrübəsindən Azərbaycanın digər rayonları da bəhrələnməlidir. Lakin təəssüf ki, bu təcrübə ilə yalnız Naxçıvana gedən adamlar tanış ola bilirlər. Ona görə mən təklif edirəm ki, aidiyyəti nazirlik və təşkilatlar Naxçıvan televiziyasının Azərbaycanda yayımlanmasını təşkil etsinlər. Çünki bunun çox böyük siyasi əhəmiyyəti var. Naxçıvan blokadada yaşayır. Ona görə orada görülən işlər bütün Azərbaycanda yayımlanmalıdır. Mən xahiş edərdim ki, cənab Sədr, aidiyyəti təşkilatlar, nazirliklər bu məsələ ilə məşğul olsunlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəzərinizə çatdırım ki, nəinki Naxçıvanın yubileyi, eləcə də bu günlərdə türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı da Naxçıvanda olacaq. Bu onu göstərir ki, biz blokadada olan Naxçıvanda həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayırıq. Əli Məsimli buyursun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Mən də təbriklərə qoşulub, payız sessiyasının başlanması münasibətilə Sizi, deputat həmkarlarımı, media nümayəndələrini və Milli Məclis Aparatının işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Payız sessiyasının başlanmasına bir-iki həftə qalmış Milli Məclis təkcə Azərbaycanda yox, beynəlxalq səviyyədə də onun fəaliyyətinə müsbət yük gətirən bir neçə məqamla yadda qaldı. Bunların bəzilərini qısa formada demək istərdim.
Milli Məclis Sədrinin İsveçrəyə səfəri, hesab edirəm ki, çox uğurlu bir səfər idi. Milli Məclisin yeni inzibati korpusunun yaradılması da bizim nailiyyətlərimiz sırasındadır. Bu münasibətlə mən də təbriklərə qoşulub bütün deputatları, xüsusən də bu işdə böyük xidməti olan Oqtay müəllimi təbrik edir, ona minnətdarlığımı bildirirəm. TVİNNİNQ layihəsinin Milli Məclisdə təqdimatının keçirilməsi, hesab edirəm ki, təkcə parlamentlərarası əlaqələrdə yox, Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının sürətlənməsində çox mühüm rol oynayacaq. Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk iclasının Bakıda keçirilməsi, hesab edirəm ki, Milli Məclisə və Azərbaycana müsbət yük gətirir. Arzu edərdim ki, Özbəkistan və Türkmənistan da türk millətinə xidmət edən bu mühüm prosesdən, vacib layihədən geri qalmasın.
Bizim, yəni üçüncü çağırış Milli Məclis deputatlarının hamısının seçkiqabağı platformasında regionlarda olan problemlər öz əksini tapmışdı. Onların arasında ən ciddi xarakter daşıyan problemlər işıq, qaz, su və işsizlik problemləri idi. Etiraf edək ki, bu gün işıq və qaz problemləri, demək olar ki, tam həll olunub. Su və işsizlik problemlərinin həlli istiqamətində addım atılıb. Bizim fəaliyyətimizin dörd ili arxada qalıb və onilliklərlə həll olunmayan problemlərin ikisi artıq həll olunub. Arzu edərdik ki, qalan bir ildə də biz su və işsizliklə bağlı problemlərin həllinə təsiri gücləndirək.
Mən hesab edirəm ki, Milli Məclis qanunlar qəbul etməklə yanaşı, xalq üçün daha ciddi xarakter daşıyan məsələlərə diqqəti artırmalıdır. Ona görə də hər dəfə payız sessiyası başlanan zaman qaldırdığım məsələni bir də qaldırmaq istəyirəm. Arzu edirəm ki, hökumət qışa hazırlığı tez başlasın, qışa hazırlıqla bağlı proseslərdə səfərbərliyi artırsın. Bu il elektrik enerjisi hasilatı haradasa 10–15 faiz aşağı düşə bilər. Nəzərə alaq ki, biz xaricə də elektrik enerjisi veririk və burada problem ola bilər. Arzu edərdim ki, əlaqədar təşkilatlar bizim bu sözümüzü eşitsin, – artıq indidən siqnallar daxil olur, – elektrik enerjisi və qazla bağlı, habelə digər sahələrdə təminatların yaxşılaşdırılması istiqamətində öz üzərinə düşən öhdəlikləri həyata keçirsin. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Mən də öz növbəmdə deputatlar üçün Milli Məclisdə yaratdığınız bu gözəl şəraitə, yeni binanın tikilib təhvil verilməsinə görə, cənab Sədr, Sizə öz təşəkkürümü bildirir və yeni sessiyanın başlanması münasibətilə bütün həmkarlarımı təbrik edirəm.
Qeyd elədiyiniz kimi, bizim üçüncü çağırış parlamentin dörd ili artıq başa çatıb. Bu dörd il ərzində müxtəlif deputat həmkarlarım tərəfindən parlamentdə Qarabağ məsələsinə dair müzakirələrin, dinləmələrin keçirilməsi təklifi dəfələrlə səsləndirilib. Mən düşünürəm ki, bu çağırış parlamentin səlahiyyət müddətinin bitməsinə artıq bir il qalmasını nəzərə alaraq Milli Məclisdə belə dinləmələrin keçirilməsi xüsusən indiki situasiyada çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünyada, xüsusən də bizim bölgədə çox ciddi proseslər gedir. Ermənistan və Türkiyə münasibətləri çox ciddi şəkildə müzakirə olunur və təbii ki, buna görə Azərbaycan cəmiyyəti çox narahatlıq keçirir.
Mən düşünürəm ki, bütün bu məsələlərə aydınlıq gətirmək, Qarabağın taleyi ilə bağlı ortaya konkret bir söz qoymaq, insanlara gələcəklə bağlı ümid vermək üçün bu müzakirələrin aparılması çox vacibdir. Qarabağdan seçilmiş millət vəkilləri bununla bağlı suallarla tez-tez rastlaşırlar. Mənim təmsil etdiyim bölgədə də insanlar, xüsusən ev-eşiyini itirmiş məcburi köçkünlər bizə çox tez-tez Qarabağla bağlı suallar verirlər. Amma təəssüf ki, biz hər dəfə o insanlara konkret bir söz deməyə çətinlik çəkirik. Mən təklif edirəm ki, heç olmasa, bu il biz xarici işlər nazirini dəvət edək, açıq olmasa da, qapalı şəkildə müzakirələr aparaq, Qarabağın taleyi ilə bağlı bizi və seçicilərimizi maraqlandıran suallara ondan cavab istəyək.
Mən daha bir məsələyə toxunmaq istəyirəm. Düşünürəm ki, bunun özü də elə kifayət qədər vacib məsələdir. Məndən öncə də bu məsələyə toxundular. Siz bilirsiniz, bu günlərdə layiq olmadan əməkdar artist, xalq artisti adı almış insanlar Üzeyir Hacıbəyov haqqında çox təhqiramiz fikirlər...
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov buyursun.
Z. Əsgərov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də öz növbəmdə sizin hamınızı payız sessiyasının açılışı münasibətilə təbrik edirəm. İstərdim ki, payız sessiyası da digər sessiyalarımız kimi qanunvericilik aktlarının qəbulu baxımından məhsuldar olsun. Eyni zamanda, mən də sizin hamınız kimi, yeni korpusun istifadəyə verilməsi münasibətilə möhtərəm Prezidentimizə və hörmətli Sədrimizə minnətdarlığımı bildirmək istəyirəm. Sözün həqiqi mənasında müasir standartlara tam cavab verən bir korpus inşa edilib və deputatların fəaliyyəti üçün hər cür şərait yaradılıbdır. Yetər ki, biz sizinlə bir yerdə bu gözəl şəraitdən istifadə edək və xalqımız, dövlətimiz üçün daha lazım olan qanunların qəbuluna nail olaq.
Hörmətli həmkarlarım burada bir neçə məsələ qaldırdılar. Mən onlardan bəzilərinə münasibətimi bildirmək istəyirəm. Hörmətli həmkarım Fazil bəy Bakı şəhərində kommunikasiya xətlərinin vəziyyəti barədə məsələ qaldırdı. Əlbəttə, biz heç də o fikirdə deyilik ki, nöqsanlar yoxdur. Müəyyən nöqsanlar, sözsüz ki, var. Amma bilirsiniz, bu yaxınlarda ölkə başçısının xüsusi sərəncamı ilə Bakı şəhərinin abadlaşdırılması məqsədilə 20 milyon manat pul ayrılıbdır və bu məhz Bakı şəhərində bizi gözləyə biləcək problemlərin qarşısını almaq üçün edilibdir. Ona görə də mən hesab edirəm ki, bu barədə narahat olmağa dəyməz. Yəni bu barədə hökumət fikirləşir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Türkiyə–Ermənistan münasibətləri ilə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Bilirsiniz ki, bu bizi narahat edən məsələdir. Biz həmişə bu məsələyə münasibətimizi bu cür bildirmişik ki, Türkiyə–Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin çözülməsi kontekstində həll olunmalıdır və bu yaxınlarda burada olan Türkiyə parlamentinin sədrinə də bu fikrimizi çatdırdıq. Cənab Sədr bunu xüsusilə vurğuladı və onlar da həmişə olduğu kimi, bəyan etdilər ki, Azərbaycanı incidə biləcək heç bir şeyə biz imza atmayacağıq. Hərçənd, açığını deyim ki, mənim özümdə də müəyyən narahatçılıqlar həmişə olubdur, bu gün də var. Hesab edirəm ki, Ermənistanla Türkiyə arasında sənədin paraflanması zamanı Azərbaycanın və elə Türkiyənin özünün də milli maraqları nəzərə alınmalıdır. Mən istərdim, Türkiyə dövlət adamlarının, baş nazirin və parlament sədrinin bəyanatlarına inanaq və ona da inanaq ki, Türkiyə ilə bizim münasibətlərimiz qardaş münasibətləridir. Hər halda verilən bəyanatların səmimiliyinə mən inanmaq istərdim. Oktyabr ayının 10-a qədər hələ müəyyən müddət var. Sonra baxaq görək, nə baş verəcək.
Digər bir məsələ. Bilirsiniz ki, bu yaxınlarda, yəni ayın 3-də Naxçıvan şəhərində türkdilli dövlət başçılarının sammiti gözlənilir. Hesab edirəm ki, həmin sammitin Azərbaycan üçün Naxçıvanın problemlərini ortaya çıxarıb bu barədə dünya ictimaiyyətini məlumatlandırmaq baxımından olduqca böyük əhəmiyyəti var. Düzdür, biz şahidiyik ki, Naxçıvanda çox böyük quruculuq işləri gedir. Naxçıvanın bu il 85 illiyi, – hörmətli Eldar müəllim qeyd etdi, – çox yüksək səviyyədə keçirildi. Qarşıdakı sammitə gələn dövlət başçıları Naxçıvanın bugünkü inkişafını da, problemlərini də daha yaxından görmək imkanına malik olacaqlar. Bu baxımdan həmin sammitin məhz Naxçıvanda keçirilməsinin çox böyük önəmi var.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bayaq burada Cəmil müəllim həbs olunmuş jurnalistlərlə bağlı fikrini bildirdi. Cəmil müəllim, Siz adını çəkdiyiniz jurnalistlərin həbs olunması ilə bağlı qeyd etdiniz ki, Qənimət Zahidi tutduran şəxs özü də həbs olunubdur. İndi bu o demək deyil ki, həbs olunan jurnalistin günahı yoxdur. Sözsüz ki, dediyiniz adamın da təqsiri var və o da həbs olunubdur, o da öz cəzasına çatacaqdır. Amma hesab edirəm, bir məsələni digər məsələ ilə qarışdırmaq düzgün olmazdı. Çünki hər bir şəxs öz əməlinə, öz cinayətinə görə cəza alır. O ki qaldı digər jurnalistlərin məsələlərinə, o məsələləri də bilirsiniz ki, hüquq mühafizə orqanları dəqiq araşdırıblar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi var. Təqsiri olmayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması mümkün deyil. Yalnız o şəxslər cinayət məsuliyyətinə cəlb olunur və cəza alırlar ki, onların təqsiri sübuta yetirilib.
Mən payız sessiyasının başlanılması münasibətilə sizin hamınızı bir daha təbrik edir və hamınıza uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Artıq 40 dəqiqədir müzakirə gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli Pənah Hüseyn, Siz həmişə reqlament, nizamnamə tərəfdarı olmusunuz. Mən bəyəm Milli Məclisin deputatı deyiləm, mənim danışmağa ixtiyarım yoxdur? Mənim çıxışım heç 3 dəqiqə də çəkmədi. Mən qısa çıxış etdim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəyəm Müsavat deputat qrupu, üzr istəyirəm, göydən düşüb? Hamı deputatdır. Müzakirələr bitdi. Bir də yerinizdən danışsanız, söhbətimiz başqa cür olacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, əyləş yerində. Qanundan danışan adam nizamnaməni pozmaz, özü də yerindən danışmaz. Mən məgər yoxlamalıyam ki, Pənah Hüseyn siyahıda neçəncidir? Onda gəlin gündəliyi saxlayaq, iki saat müzakirə edək.
Gündəliyin birinci məsələsinə keçirik. Milli Məclisin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı. İş planı sizin hamınıza paylanıb. Müzakirə eləməyə ehtiyac varmı? Buyurun, yazılın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılmısan siyahıya. Pənah bəy, sən demə, sənə qarşı texnika təxribat edir. İqbal Ağazadə, birinci düşmüsən. Sən adını harada yazdırmışdın? İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il payız sessiyasının gündəliyi ilə ətraflı şəkildə tanış oldum, amma bu gündəliyə təklif edəcəyim bir sıra məsələlər var. Qarşıdan çox mühüm seçki hadisələrindən biri, bələdiyyə seçkiləri gəlir. Bununla əlaqədar olaraq Qarabağ və respublika uğrunda vətəndaş hərəkatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklər təklif edib. Biz təklif edirik ki, Seçki Məcəlləsində dəyişikliklər edilsin. Seçki Məcəlləsindəki dəyişikliklər həm seçki mühitini yaxşılaşdırsın, həm siyasi partiyaların seçkilərdə işini asanlaşdırsın, həm də paritet əsasda komissiyalar formalaşdırılsın. Biz istəyirik, bu komissiyalar Azərbaycan cəmiyyətində bir etimad yaratsın və tərəflərin hər birinin iştirak edə biləcəyi seçki marafonunda hamı üçün bərabər şərait yaradılsın. Bu bizim üçün, Azərbaycan müxalifəti üçün çox vacibdir. Müxalifət partiyaları bu barədə öz aralarında razılığa gəliblər və bu təklifləri də birgə imzalayıb Milli Məclisin müzakirəsinə təqdim ediblər. Yaxın vaxtlarda seçkilərə start veriləcək. Çox istərdim ki, Seçki Məcəlləsinə bu əlavə və dəyişikliklərin müzakirə olunması üçün Milli Məclis özünün payız sessiyasında çox qısa zamanda kifayət qədər ciddi və operativ qərarlar qəbul etsin.
Payız sessiyasının gündəliyinə təklif edəcəyim ikinci məsələ Qarabağ və respublika uğrunda vətəndaş hərəkatının tələbi və istəyi ilə burada səsləndirilən Bələdiyyələrin statusu haqqında qanun layihəsidir. Bilirsiniz ki, Azərbaycanda bələdiyyələrin statusu olduqca aşağıdır. İri şəhərlərdə bələdiyyə seçkiləri keçirilmir. Şəhər bələdiyyələrinə sədrlər birbaşa, açıq yolla seçilmir. Bu da mahiyyət etibarilə bələdiyyələr haqqında statussuz bir qurum fikri formalaşdırır. Bu fikri aradan qaldırmaq üçün bələdiyyələrin statusları genişləndirilməlidir. Bələdiyyələrin statusları genişləndirilərkən, təbii ki, iri şəhərlərdə, xüsusilə Bakı şəhərində bələdiyyə seçkiləri keçirilməlidir. Bilirsiniz ki, Avropa Şurasında Regional idarəetmə komissiyası bununla bağlı dəfələrlə təklif verib. Avropa Şurasına daxil olarkən üzərimizə götürdüyümüz öhdəliklərdən biri də budur. Çox xahiş edirəm, Azərbaycan tərəfi bu öhdəliyi yerinə yetirməsi istiqamətində ciddi addım atsın və iri şəhərlərdə bələdiyyə sədrləri birbaşa seçilsin, bələdiyyələrin statusu qaldırılsın.
Mən bir dəfə burada müzakirələr zamanı demişdim, bələdiyyələrin torpaqları hərraca çıxarılarkən bu hərraclar açıq və şəffaf keçirilməklə yanaşı, bələdiyyə torpaqlarına aid olmayan qurumların, xüsusilə icra strukturlarının bələdiyyə torpaqlarının hərracında komissiya üzvü kimi iştirakı kənara qoyulsun. Çünki icra strukturlarının dövlət torpaq payından ayırmaq imkanları var, orada bələdiyyələr iştirak etmir, amma bələdiyyələrin torpaq sahələri hərraca çıxarılarkən icra strukturları bu hərraclarda komissiya nümayəndəsi kimi iştirak edirlər.
Qarabağ və respublika uğrunda vətəndaş hərəkatının payız sessiyasının gündəliyinə təklif etdiyi üçüncü məsələ Siyasi partiyalar haqqında qanun layihəsidir. “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul olunub. Keçən dövr ərzində Azərbaycanda kifayət qədər ciddi proseslər baş verib, 1995-ci ildə hətta yeni Konstitusiya qəbul olunub. Sonralar Konstitusiyanı müşayiət edən çoxsaylı qanunlar qəbul edilib, amma Siyasi partiyalar haqqında yeni qanun qəbul olunmayıb. “Siyasi partiyalar haqqında” Qanun yeniləşdirilməlidir. Siyasi partiyalara daha çox şərait yaradılmalıdır. Siyasi partiyalara yaradılan şərait mahiyyət etibarilə cəmiyyətin siyasi sisteminin təkmilləşdirilməsinə xidmət etməlidir. “Siyasi partiyalar haqqında” Qanun artıq Azərbaycan siyasi sisteminin təkmilləşdirilməsinə əngəl törədən bir qanuna çevrilib. Siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir, çünki onlar dövlətin idarəçiliyində iştirak edən bir institutdur. Buna görə də hesab edirəm, onların dövlət tərəfindən maliyyələşdirilməsi “Siyasi partiyalar haqqında” yeni qanunda öz əksini tapmalıdır. Çünki Avropa Şurasına daxil olan dövlətlər içərisində yalnız iki respublikada – Azərbaycanda və Ermənistanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir. Azərbaycan bu təcrübədən də imtina etməlidir və Azərbaycanda siyasi partiyalar da dövlət tərəfindən maliyyələşdirilməlidir.
Bizim təklif etdiyimiz növbəti qanun layihəsi Sərbəst toplaşmaq azadlığı haqqında qanun layihəsidir. Bu qanun layihəsi bələdiyyə seçkiləri öncəsi xüsusilə müzakirəyə ehtiyacı olan qanun layihələrindəndir. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər keçirmək üçün yerlər ayırıb. Bu yerlər, əslində, gözdən, könüldən uzaq, heç bir kütləvi siyasi tədbir, toplantı keçirmək üçün yararlı olmayan yerlərdir. Kütləvi tədbirlərin keçirilməsi üçün istər kənd rayonlarında, istərsə də Bakı şəhəri rayonlarında ayrılan yerlərin böyük əksəriyyəti bərbad olur və yaxud da seçkilər öncəsi həmin ərazilərin hamısı ya təmirə dayanır, ya da hər hansı bir təmir işləri aparmaq bəhanəsi ilə orada kütləvi tədbirlərin keçirilməsinə əngəl törədilir. Buna görə də hesab edirəm ki, bu məsələdə bir nizam, düzən yaratmaq üçün Sərbəst toplaşmaq azadlığı haqqında qanun layihəsi də müzakirəyə çıxarılmalıdır. Çünki Konstitusiya 49-cu maddə ilə hüquq verir, Bakı Şəhər İcra Hakimiyyəti qadağa qoyur. Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyalara yazdığı cavab məktubları burada oxunsa, adamlarda, – burada kifayət qədər hüquqşünas var, – bir təsəvvür yaranar. Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəririk ki, filan yerdə filan tədbiri keçirmək barədə qərar qəbul etmişik, xahiş edirik, buna şərait yaradasınız. Bakı Şəhər İcra Hakimiyyəti siyasi partiyalara məsləhət verir ki, bu dövrdə bu məsələləri müzakirə etməyə və ya onunla bağlı mitinq keçirməyə ehtiyac yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti kimdir siyasi təşkilata məsləhət verə ki, bunu keçirmək olar, bunu keçirmək olmaz. Ona Qarabağla və yaxud sosial siyasətlə bağlı müraciət edirlər. Yazır ki, ölkəmizdə sosial-iqtisadi siyasətin uğurları göz önündədir, bununla bağlı ciddi tədbirlər görülür, bu məsələni kütləvi şəkildə hər hansı bir yerdə müzakirə etməyə və yaxud bununla bağlı bir kütləvi tədbir keçirməyə ehtiyac görmürük. Kimsən sən ehtiyac görməyəsən. Azərbaycan qanunları, Konstitusiya siyasi partiyaya imkan verir və bu imkanı da Bakı Şəhər İcra Hakimiyyəti tanımalıdır. Buna görə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun da mahiyyət etibarilə ciddi şəkildə dəyişdirilməlidir və artıq kiminsə tövsiyəsi, məsləhəti və yaxud arzu-istəyi ilə qanunlar pozulmamalıdır.
Bundan başqa, Qarabağ məsələsi də, hesab edirəm, payız sessiyasının gündəliyinə daxil edilib çox ciddi şəkildə müzakirə olunmalıdır. Çünki indiyə qədər aparılan danışıqlar barədə millət vəkilləri, ictimai-siyasi prosesləri izləyən vətəndaşlar, bütövlükdə cəmiyyətimiz məlumatsızdır. Hara gedirik, niyə gedirik, nə istəyirlər, nəyi vermək olar, nəyi vermək olmaz, danışıqlar hansı mərhələdədir? Millət vəkillərinin hüququ var, bu məlumatları bilsin. Hesab edirəm, burada ən azı Xarici İşlər Nazirliyi səviyyəsində dinləmələr keçirilməli idi. Çox təəssüflər olsun ki, hökumət ancaq büdcənin icrası ilə bağlı hesabat verərkən buraya gəlir. Onda da burada yalnız iqtisadiyyat və sosial siyasət sahələrini təmsil edən adamlar iştirak edirlər.
Bir neçə kəlmə də təhsil məsələləri ilə bağlı demək istəyirəm. Azərbaycan təhsili acınacaqlı vəziyyətdədir. Hesab edirəm, Milli Məclis bu məsələyə çox ciddi şəkildə diqqət yetirməlidir. Diqqət edin, XXI əsrdə təhsilə büdcədən bu qədər pul, bu qədər vəsait ayrıldığı vaxtda Azərbaycanda təhsil səviyyəsi nə qədər aşağıdırsa, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə imtahan verən abituriyentlərin keçid balını ildən-ilə aşağı salır. Azərbaycan təhsili bu minvalla hara gedir? Niyə bunun hesabatını Azərbaycanın Milli Məclisində verən yoxdur? Niyə Azərbaycanda bu sahəyə cavabdeh olan insanlar öz məsuliyyətlərini ciddi şəkildə dərk etmirlər? Dərk etmirlər ki, Azərbaycan təhsilini hara aparırlar. Əgər bu qədər vəsait ayrıldığı iddia edilirsə, bu qədər məktəb tikilirsə, bu qədər komplekslər yaradılırsa, niyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ildən-ilə keçid balını aşağı salır? Bu gün Azərbaycanın elə kəndləri var ki, 15–17 ildir bir nümayəndəsi də ali məktəbə daxil olmayıb. Götürün, statistikaya baxın. Rayonlar var, təhsilinin səviyyəsi 1 faizdən də aşağı düşüb. Təhsil Nazirliyi əvvəl-axır bununla bağlı Milli Məclisdə hesabat verməlidir. Bu cür təhsil siyasəti ilə Azərbaycanı uçuruma aparırsınız. Nə qədər neft də satsanız, nə qədər büdcə də artsa, o ...
Sədrlik edən. İqbal Ağazadə, bu, cari məsələlərin müzakirəsi deyil, biz iş planını müzakirə edirik. Sonra Pənah Hüseyn deyəcək, mənə yenə söz çatmadı, mənə qarşı təxribat oldu. Əgər etiraz yoxdursa, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sözün yoxdur? Yaxşı, amma bir də sənə növbə çatmayanda, xahiş edirəm, deməyəsən ki, təxribat olub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hüququn var. Adın düşüb, danışacaqsan da. Səndən başqa danışan yoxdur, Pənah.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən mənə nə deyə bilərsən axı? Necə çox şey demək istəyirəm? Nə deyə bilərsən? Sən Milli Məclisdə özünü apara bilmirsən. Hər dəqiqə yerindən durub danışırsan. Xahiş edirəm, kim 5 dəqiqəyə razıdırsa, münasibət bildirsin.

Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 83
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 1  
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul olundu, 5 dəqiqəyə keçirik. Fəzail Ağamalı buyursun.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media təmsilçiləri! Mən də fürsətdən istifadə edərək payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm, fəaliyyətinizdə uğurlar diləyirəm, can sağlığı arzulayıram. Heç şübhəsiz ki, məndən öncə parlamentin yeni inzibati binasının tikilməsi ilə bağlı deyilən xoş sözlərə qoşuluram, ölkə Prezidentinin diqqətinə və eyni zamanda, cənab Sədrin fəaliyyətinin bu dərəcədə müsbət nəticələr verməsinə görə öz təşəkkürümü bildirirəm.
Gündəliyə təqdim edilmiş payız sessiyasının qanunvericilik işləri planı, deyərdim ki, işimizin yüksək səviyyədə qurulmasına imkan verə biləcək bir plandır. Lakin bununla bərabər söyləmək istərdim ki, elə sahələr, elə məsələlər var ki, məncə, payız sessiyasının gündəliyinə salınmalıdır. Əlbəttə, ilk olaraq mən Siyasi partiyalar haqqında qanun layihəsinin hazırlanmasını və Milli Məclisin müzakirəsinə çıxarılmasını olduqca vacib və aktual bir məsələ kimi önə çəkmək istəyirəm. Bu məsələ dəfələrlə burada qaldırılıb və millət vəkilləri ən müxtəlif səviyyələrdə öz təkliflərini veriblər. Lakin çox təəssüf edirəm ki, bu günə qədər belə bir qanun layihəsi gündəliyə salınmayıb, müzakirəyə çıxarılmayıbdır. Mən çox arzulayardım ki, bu məsələ payız sessiyasının gündəliyinə salınsın və müzakirə üçün təqdim edilsin.
İkinci, bu gün cəmiyyəti ən çox düşündürən vacib məsələlərdən biri də yas və toy mərasimlərinin tənzimlənməsini təmin edən qanun layihəsinin işlənib hazırlanmasıdır. Bu məsələ kifayət qədər aktualdır. Milli Məclisin deputatları istər yas, istərsə də toy mərasimlərinin keçirilməsi ilə bağlı fikirlərini, narahatlıqlarını, tənqidi qeydlərini burada səsləndiriblər. Mənə belə gəlir ki, artıq payız sessiyasında yas və toy mərasimlərini tənzimləyən qanun layihəsinin işlənib hazırlanması, müzakirə olunması və qəbul edilməsi vacibdir.
Üçüncü. Yəqin ki, siz də mənimlə razılaşarsınız ki, son illər ölkə Prezidentinin ən çox diqqət verdiyi məsələ Azərbaycanda sosial sferanın inkişafıdır. Bu baxımdan ayrı-ayrı səhiyyə ocaqlarının yenidən qurulması və onların ən müasir texnologiya ilə təmin olunması da bir faktdır və biz dəfələrlə həmin obyektlərin açılışında ölkə Prezidentinin iştirakının şahidi olmuşuq. Özümüz də bu və ya digər səbəbdən həmin tibb müəssisələrində oluruq. Doğrudan da, tibb müəssisələrinin ən müasir səviyyədə yenidən qurulmasının şahidiyik. Lakin mənimlə razılaşın ki, bu gün həmin texnologiyanı hərəkətə gətirə biləcək tibbi kadrların çatışmazlığı özünü açıq şəkildə göstərməkdədir. Regionlarda ən yüksək səviyyədə diaqnostika mərkəzləri yaradılıb və onlar ən müasir avadanlıqla təmin olunublar. Lakin onlardan istifadə edə biləcək mütəxəssislər barmaqla sayılır. Bu məsələ də müzakirəyə çıxarılmalıdır və elə etmək lazımdır ki, bu çatışmazlıq aradan qaldırılsın. Bu, kifayət qədər aktual məsələdir. İstərdim ki, Milli Məclisin rəhbərliyi də bu məsələyə diqqətini artırsın. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Bir məsələni qeyd etmək istəyirəm. Doğrudan da, məsələni düz qoyursunuz, amma demək istəyirəm ki, cənab Prezident tərəfindən xüsusi proqram qəbul olunub. 2008–2015-ci illərdə xarici dövlətlərin qabaqcıl universitetlərində təhsil almağa 5 min tələbə göndəriləcək. Onların artıq təxminən 1000-ə yaxını, bəlkə də 1000-dən çoxu göndərilib və bu iş davam edəcək. Onlar, əsasən, tibb və iqtisadiyyat sahəsinə göndərilirlər. Düzdür, bu gün ölkəmizdə xəstəxanalar, diaqnostika mərkəzləri tikilir və mən də sizinlə razıyam ki, bəli, orada yüksək səviyyəli, ixtisaslı kadrlar işləməlidir. Diqqətinizə çatdırıram ki, bu sahədə iş gedir. Elmira Axundova.
E. Axundova. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mən payız sessiyasının işə başlaması ilə əlaqədar sizi təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Payız sessiyasının qanunvericilik işləri planı müəyyən qədər ciddidir, qanun layihələrinin hamısı aktualdır. Mən bu planın lehinə səs verəcəyəm.
Lakin bununla bərabər bir neçə təklifim də var. Mərasimlərlə əlaqədar qanun layihəsinin aktuallığı barədə Fəzail Ağamalının fikirlərini dəstəkləyirəm. Mənə elə gəlir ki, bu dəfə sosial yönümlü məsələlər bir qədər arxa plana keçirilir. Konkret olaraq təklif edərdim ki, payız sessiyasına mütləq Gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsi salaq, çünki bu gün həmin kateqoriyadan olan insanlar cəmiyyətdə bəlkə də ən çox sosial müdafiəyə möhtacdırlar. Bu gün gənc ailələrin əksəriyyəti yalnız valideynlərin hesabına normal şəraitdə yaşaya bilir və dövlət, demək olar ki, onların sosial müdafiəsində iştirak etmir. Burada söhbət yalnız maddi köməkdən getmir. Burada söhbət ordu sıralarına çağırışda, işə götürməkdə, mənzil aldıqda və sair hallarda müxtəlif imtiyazlardan gedə bilər. Mənə elə gəlir ki, gənc ailələrə sosial dəstək proqram şəklində qəbul edilə bilər.
Bir problemi də nəzərinizə çatdırmaq istərdim. 2008–2009-cu illərdə bir sıra MDB dövlətlərinin parlamentləri maliyyə böhranını və inflyasiyanı nəzərə alaraq sosial müavinətləri kəskin surətdə artırmışdır. Mən burada xüsusilə hamiləliyə, doğuşa və uşağa qulluq etməyə görə müavinətləri nəzərdə tuturam. Rusiya, Ukrayna, Qazaxıstan respublikalarında hamiləlik, doğum və doğumdan sonrakı dövrdə sosial müavinətlərin verilməsi qaydaları ilə tanış olarkən, yəqin etmək olar ki, bu ölkələr həmin istiqamətdə bizdən irəli gediblər və onlarda hamilə qadınların, anaların dövlət müdafiəsi daha güclüdür. Məsələn, doğumla əlaqədar birdəfəlik müavinət bizdə cəmi 50 manatdırsa, Rusiyada 350 dollara bərabərdir. Ukraynada birinci uşağın doğumu ilə əlaqədar birdəfəlik müavinət 150 dollardır, ikinci uşaq doğulanda bu müavinət 2 dəfə artır, üçüncü uşağa görə isə dövlət ailəyə 600 dollardan artıq vəsait ayırır. Qazaxıstanda işləməyən qadınlar uşağa qulluq etməyə görə bir il aylıq müavinət alırlar. İşləyənlər isə bir il müddətində orta aylıq əmək haqqının 40 faizini alırlar. Bizdə isə bildiyiniz kimi, qadın ancaq 1-ci ay uşağa qulluq etməyə görə pul alır, sonra isə öz hesabına məzuniyyətə çıxmalıdır. Gənc analara belə ögey münasibət neft və qaz ölkəsi olan Azərbaycana qətiyyən yaraşmır. 2009-cu il Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə uşaq ili elan edilib. Bunu nəzərə alaraq, xahiş edirəm, təkliflərimə baxasınız və müvafiq qanunlara dəyişiklik edərək onları payız sessiyasının müzakirəsinə təqdim edəsiniz. Biz millət vəkilləri hələlik uşaq ilinə heç bir töhfə etməmişik. Onu da qeyd edim ki, bu sessiyada büdcə müzakirə ediləcək. Deməli, belə məsələlərin həlli mümkündür. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı Konstitusiya ilə bir az ziddiyyət təşkil etsə də, reallığa uyğundur. Çünki Konstitusiyada birinci yazılır ki, deputatın qanunvericilik təşəbbüsü qaydasında qanun layihəsi təqdim etmək hüququ var. Burada bu, nəzərdə tutulmayıb, çünki reallıqda deputatın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə çox çətinliklə baxılır. Şəxsən mən özümün timsalında bunun şahidi olmamışam. Ona görə də məhz bu məsələni burada qaldırmaq istəyirəm.
Biz 2 il öncə Siyasi partiyalar haqqında qanun layihəsi təqdim etmişdik. Bu qanun layihəsi, ümumiyyətlə, müzakirəyə çıxarılmadı. Çox qəribədir ki, ən azı müzakirəyə çıxarılır, amma komitədə deyirlər ki, sizin bu layihə yararsızdır, sizin hüquqşünas kimi yetərincə hazırlığınız yoxdur, yaxşı layihə hazırlaya bilmirsiniz, daha savadlı hüquqşünaslar var və onların rəyləri nəzərə alınaraq yeni qanun layihəsi hazırlanacaqdır. Bu, olduqca ciddi bir məsələdir və siyasi partiyalara münasibətin dəyişməsi üçün bu qanunun qəbul olunması lazımdır.
Bu ilin əvvəlində Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlayaraq qərargah almışıq. 6 aylıq müqavilə müddəti tamam olub. Sonradan, ikinci dəfə müraciət etməyimizə baxmayaraq bu müqavilənin müddəti uzadılmayıb. Amma biz 6 aylıq pulu ödəmişik. Partiyaların belə hüquqdan kənar bir vəziyyətə salınmasının qarşısını almaq üçün belə bir qanunun təcili qəbul olunmasına ehtiyac var. Ən azı partiyalar dövlət həyatında vacib institutlardır, bunları bu qədər hörmətsiz, hüquqdan kənar vəziyyətdə saxlamaq dövlətin özü üçün yaxşı bir imic yaratmır.
Əvvəllər Azərbaycan Respublikasının prezidenti olmuş şəxslərin hüquqlarının təminatı haqqında qanun layihəsi mənim tərəfimdən müvafiq komitəyə təqdim olunubdur. Çox maraqlıdır ki, bizim təqdim etdiyimiz layihədən söhbət getmir. Biz ilin əvvəlində referendum keçirdik və Konstitusiyada dəyişiklik etdik. Dəyişikliklərin böyük əhəmiyyət daşıdığını hamı televiziyada, mətbuatda qeyd etdi. Konstitusiyaya bu müddəa salınıbsa və dərhal buna uyğun olaraq orada yazılıbsa ki, müvafiq Konstitusiya qanunu qəbul olunur, deməli, bu, qəbul olunmalıdır. Necə olur ki, bələdiyyələrin hesabatları haqqında qanun layihəsi həmin Konstitusiyada nəzərdə tutulduğu halda qanunvericilik işləri planına daxil edilib, amma əvvəllər prezident olmuş şəxslərin hüquqlarının təminatı barədə qanun layihəsi bura daxil olunmayıbdır? Bu ikili münasibət haradan doğur? Ona görə də istəyirəm ki, bunu qanunvericilik işləri planına ciddi bir irad kimi bildirim.
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Burada bələdiyyələrlə bağlı iki qanun layihəsi nəzərdə tutulub. Mən hesab edirəm ki, bələdiyyələrin statusu ilə bağlı yeni qanun layihəsi qəbul olunmalıdır, böyük şəhər bələdiyyəsinin seçilməsi məsələsi öz həllini tapmalıdır. Bələdiyyəyə aid qanunlar niyə bələdiyyə seçkilərindən sonraya saxlanılmalıdır?
Bunlar təcili önə çəkilərək yaxın günlərdə qəbul olunmalıdır ki, ən azı bələdiyyə seçkilərində iştirak edən partiya üzvləri bələdiyyələrin statusu ilə bağlı müəyyən proseslərin həm də iştirakçısı olsunlar, dövlətin bələdiyyələrə münasibətinin dəyişildiyini özləri müşahidə etsinlər. Ona görə də qanunvericilik işləri planında mütləq bu kimi zəruri qanunların qəbul olunması, məncə, vacibdir.
Bundan əlavə, hesab edirəm ki, Tikinti Məcəlləsinin, Şəhərsalma Məcəlləsinin, Rəqabət Məcəlləsinin, nəhayət ki, yekunlaşmasına ehtiyac var. Bunlar vacib qanunlardır. Burada nəzərdə tutulanların böyük əksəriyyəti vacib qanunlardır, bunları biz vaxtında müzakirə edib qəbul etməliyik. Çünki şəhərsalma ilə bağlı qanun, təsəvvür edin ki, 5 il gecikdi. Şəhər artıq salınıb. Nikolayın vaxtında bulvara torpaq daşıyıb gətiriblər. İndi özülü kifayət qədər möhkəm olmayan, çoxmərtəbəli binalarla bütün Bakı az qala dənizə tökülür. Bundan sonra Şəhərsalma Məcəlləsinin hansı mənası olacaq? Amma hər halda ziyanın yarısından da qayıtmaq xeyirdir. Mən bu istiqamətdə Milli Məclisə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim. Şəhərsalma Məcəlləsi tək Bakıya deyil, bütün Azərbaycana aiddir. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! 2009-cu il payız sessiyasının qanunvericilik işləri planına çox dəyərli qanunlar salınıb. Bu qanunların bir hissəsini ötən sessiyada müzakirə etmişik. Ümid edirəm ki, bu sessiya ərzində bu qanunların qəbul edilməsi başa çatdırılacaq və hər bir qanun əhatə etdiyi sahə ilə bağlı hüquqi bazanın yaradılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Amma bununla bərabər həyatımızda və vətəndaşlarla əlaqələrimizdə meydana çıxan bir sıra məsələlər var ki, onların da bu payız sessiyasında gündəliyə salınmasına və müvafiq qərarların və qanunların qəbul edilməsinə böyük ehtiyac var.
Ziyafət müəllim, mən birinci növbədə əmanətlərlə bağlı məsələni diqqətinizə çatdırmaq istəyirəm. Siz gözəl bilirsiniz ki, bu, əhalimizin böyük bir hissəsinin maraq dairəsindədir. Uzun müddətdir bu istiqamətdə iş gedir. Cavabdeh bank “Kapital Bank” idi. Bu bankın özəlləşməsindən sonra burada yeni bir situasiya yaranır. İndi bu cavabdehlik kimin üzərində qalır? Özəlləşdirmə prosesində özəlləşən tərəflə imzalanan müqavilədə dövlətin heç bir öhdəliyi yoxdur. Onda vətəndaşların borclarını kim ödəyəcək? Bu, ciddi bir məsələ kimi qarşıda dayanır. Biz vətəndaşlardan bu istiqamətdə şikayətlər alırıq. Doğrudan da, adamlar bir vaxt öz halal zəhməti ilə əldə etdikləri əmanətləri dünənə qədər fəaliyyət göstərən və dövlətimizin vərəsəlik hüququ ilə qəbul etdiyi bir bankda yerləşdiribdir. İndi bu məsələ necə həll olunmalıdır? Mənə elə gəlir ki, vətəndaşların müraciətlərini və bizim çıxışlarımızı nəzərə alaraq bu istiqamətlərdə vətəndaşlara yekun bir söz deməyin vaxtı gəlib çatıbdır. Hər dəfə “gələn sessiyada baxılacaq” – deyilir. Bu məsələnin yekunlaşdırılmasının tərəfdarıyam. Təklif edirəm ki, belə bir qanun layihəsinin payız sessiyasının gündəliyinə salınması məsələsinə baxılsın.
İkinci, burada bələdiyyələrlə bağlı bir sıra qanun layihələri var. Böyük şəhər bələdiyyəsinin yaranma məsələsi. Artıq bir neçə ildir ki, Azərbaycanda bələdiyyə sistemi formalaşıb, fəaliyyət göstərir. Müsbət və mənfi cəhətləri də var. Amma böyük şəhər bələdiyyəsi olmadan bələdiyyələrin fəaliyyətini təsəvvür etmək mümkün deyil. Bu gün Bakı şəhərində və Azərbaycanın digər şəhərlərində bir sıra xoşagəlməz hallar ona görə baş verir ki, bütövlükdə şəhər seçkili əsaslara dayanmayan icra strukturlarının əlindədir. Mən təklif edirəm ki, biz payız sessiyasının gündəliyinə böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı qanun layihəsini salaq. Müvafiq komitəyə tapşırıq verilsin ki, bununla bağlı qanun layihəsi hazırlansın.
Ziyafət müəllim, üçüncü toxunacağım məsələ yeni mənzillərin tikilməsi ilə bağlıdır. Tikinti Məcəlləsi var. 10 ildən çoxdur ki, Bakı şəhərində binalar tikilib, orada insanlar yaşayırlar. Amma bu binalara mülk kağızları verilmir. Bu nə ilə bağlıdır? Bunun tənzimlənməsi çox ciddi bir məsələ kimi qarşıda dayanır. Vətəndaşlar hətta alğı-satqını qeyri-qanuni yolla edirlər. Həmin məsələnin qanuni şəkildə həll olunmasına böyük ehtiyac var. Burada 10–100 nəfərdən söhbət getmir, minlərlə vətəndaş qeyri-müəyyən vəziyyətdə qalıb. Dövlət müəyyən etməlidir ki, ya bu binaları qəbul edir, ya da müəyyən səbəblərə görə qəbul etmir. Birdəfəlik aydınlaşdırılmalıdır ki, söhbət nədən gedir.
Bir də, insan hüquqları ilə bağlı əlavə qanunların qəbul edilməsinə ehtiyac var. Bu istiqamətdə də müəyyən bir qanun layihəsinin gündəliyə salınmasının tərəfdarıyam. Ziyafət müəllim, Siz deyirsiniz ki, filankəsi tutublar, qanun müəyyən edəcək. Amma azı axtarışda olan, yaxud həbsdə olan adamlar...
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və media nümayəndələri! Müzakirəyə təqdim olunan qanunvericilik işləri planında kifayət qədər vacib və əhəmiyyətli qanun layihələri var. Mən həmin qanun layihələrinin qəbul olunmasını dəstəkləyirəm və təbii ki, onlara səs verəcəyəm.
Yeri gəlmişkən, mən bəzi təkliflərimi də səsləndirmək istəyirəm. Cari məsələlərin müzakirəsi zamanı bir məsələyə diqqəti yönəltmək istərdim. Bu da ondan ibarətdir ki, Azərbaycanda şou-biznes sahəsində çox ciddi problemlər yaşanmaqdadır və biz də vaxtaşırı bu problemləri Milli Məclisin iclaslarında dilə gətiririk, diqqəti bu problemlərə yönəltmək istəyirik. Ötən sessiya zamanı 60-dan artıq millət vəkilinin imzası ilə ölkədə, paytaxtda fəaliyyət göstərən televiziyaların rəhbərlərinə bir müraciət ünvanlanmışdı. Amma çox təəssüf ki, hələ də həmin müraciətimizə heç bir münasibət bildirilməyib. Amma çox ciddi problemlər yaşanır. Problem nədən ibarətdir? Məndən öncə qeyd olunduğu kimi, “xalq artisti”, “əməkdar artist” kimi çox yüksək fəxri adlara layiq görülən insanlar Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə oynayırlar, onu aşağılamağa çalışırlar, təhqir edirlər.
Elə bu günlərdə Üzeyir Hacıbəyov haqqında çox aşağılayıcı fikirlər səsləndi. Düşünürəm ki, biz şou-biznes haqqında qanun qəbul etməliyik. Düzdür, “şou-biznes” sözü heç də hamının xoşuna gəlmir. Bəlkə bunu başqa cür də adlandırmaq olar, amma bu sahəni nizama, səliqə-sahmana salacaq bir qanuna çox ciddi ehtiyac var. Orada da birmənalı, kəskin şəkildə qeyd olunmalıdır ki, kimliyindən asılı olmayaraq xalqın dəyərlərinə qətiyyən sataşmaq olmaz.
Digər təklifim təhsil sahəsi ilə bağlıdır. Bizə təqdim olunan qanunvericilik işləri planında təhsillə bağlı çox gözəl qanun layihələrinin adları var. Amma mən hesab edirəm, çox yaxşı olardı ki, ali təhsil haqqında qanundan qabaq orta təhsil haqqında qanun qəbul olunsun. Çünki bu gün Azərbaycanda, xüsusilə də əyalət rayonlarımızda orta təhsillə bağlı çox ciddi problemlər yaşanır. Belə bir qanun qəbul olunarsa, biz təhsilin səviyyəsini xeyli dərəcədə yüksəltməyə nail ola bilərik. Təsəvvür edin ki, bizim orta məktəblərimizdə yaşı 75–80-ni adlayan insanlar direktor işləyirlər. Onları heç kəs yerindən tərpətmək istəmir. Adını, familiyasını yaza bilməyən adamları müəllim kimi işə götürürlər. Təbii ki, savadı, biliyi olmayan müəllim heç vaxt savadlı, bilikli şagird yetişdirə bilməz. Bu da son nəticədə təhsilimizin geriləməsinə, zəifləməsinə gətirib çıxarır. Biz qarşımıza neft kapitalını insan kapitalına çevirmək prioriteti qoymuşuq. Amma mən inanmıram ki, bu cür zəif təhsillə neft kapitalını insan kapitalına çevirə bilək.
Digər bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Məndən öncə də bu barədə danışıldı. Mən də hesab edirəm ki, mart ayında keçirilən referendumda bu məsələ artıq Konstitusiyaya salınıb. Çox yaxşı olardı ki, eks-prezidentlərin statusu haqqında qanun layihəsini də müzakirə edib qəbul edək. Aydın məsələdir ki, eks-prezidentlərin statusu məsələsində müəyyən problemlər var. Bu qanundan irəli gələcək hüquqların kimlərə şamil olunması məsələsi mübahisə doğurur. Amma mən düşünürəm ki, elə bu qanunu qəbul etməklə bu hüquqların məhz kimlərə şamil olunması məsələsinə də birdəfəlik aydınlıq gətirmək olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də payız sessiyasının gündəliyinə irəli sürülmüş təklifləri qəbul edirəm və özümün təkliflərimi də səsləndirmək istəyirəm. Birinci, vurğulamağa dəyər ki, ötən dövr ərzində Azərbaycanın idarəçilik sisteminin təkmilləşdirilməsi, hökumətin müxtəlif strukturlarının səlahiyyətlərinin dəqiq bölgüsü, onun sərhədlərinin müəyyənləşməsi, funksional təyinatının dəqiqləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Yəni dövlət idarəetmə sistemində çox böyük islahatlar aparılıb. Bununla belə, bütövlükdə bu fəaliyyəti özündə tənzimləyən Azərbaycan Respublikasının hökuməti haqqında qanunvericiliyə ehtiyac var. Bu, yeni yaranacaq sahələri inkar eləmir. Amma hökumətin ümumi fəaliyyətindən onun dəqiq prinsiplərini, fəaliyyət istiqamətlərini, sahələrini və sairi özündə nəzərdə tutan belə mühüm bir qanunun, hesab edirəm ki, Azərbaycan hökumətinin, dövlətimizin ümumi işinə xeyri olardı.
İkinci təklifim cənab Prezidentin son dövrlərdə atdığı addımlarla və parlamentin bu yöndə üzərinə düşən vəzifələrlə bağlıdır. Bilirsiniz ki, Dağlıq Qarabağın azərbaycanlı icması münaqişənin ağırlığını yaşayan tərəf kimi dövlət tərəfindən həmişə nəzərə alınıb. Son dövrlərdə Azərbaycanın dövlət rəhbərliyi onlara daha böyük diqqət göstərir. Dağlıq Qarabağın azərbaycanlı icmasının xüsusi inzibati bina ilə təmin olunması, ictimai fəallığının artırılması və beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün mühüm işlər həyata keçirilib. Mənim həmkarlarım bu məsələlərə birmənalı yanaşmasınlar. Ola bilsin ki, parlamentin daxilində fraksiyaçılığı bir az ayrı, yəni siyasi olmayaraq başqa bir formada görürəm, amma Qarabağ regionuna bağlı parlament üzvlərinin icma-parlament formasında bir qrupuna ehtiyac var. Bu, Qarabağla məşğul olmaq üçün onların üzərinə xüsusi olaraq əlavə səlahiyyət qoymur, onları əlahidləşdirmir və Qarabağ məsələsini yalnız onların ixtiyarına vermir. Amma ən müxtəlif beynəlxalq tədbirlərdə məhz o qrupun nümayəndələrinə istinad eləmək, mənə elə gəlir ki, ümumi işin xeyrinə olardı. Ona görə də mən Qarabağdan olan millət vəkillərinin parlament qrupunun yaradılmasını təklif edirəm.
Üçüncü məsələ. Keçmiş dövrdə də parlamentin müxtəlif iclaslarında bu məsələləri gündəmə gətirirdik. Bu, Avropanın praktikasında özünü göstərmiş bir haldır, istəyirəm ki, Azərbaycanın qanunvericiliyində də özünün yerini tapsın. Məsələn, son hadisə olaraq Türkiyədən ayrı-ayrı jurnalistlərin Qarabağa getməsi və orada müəyyən prosedurlardan keçərkən müxtəlif diplomatik yanaşmalarda səhvlərə yol verməsini Azərbaycanın Xarici İşlər Nazirliyi nota ilə onlara bildirib. Keçmişdə biz bunun müxtəlif nümunələrini Rusiyanın və Avropa ölkələrinin nümayəndələrinin timsalında görmüşük. Sonra nə baş verir? Bizim onlara qarşı münasibətimizi tənzimləyən hüquqi qanunvericilik müddəalarımız yoxdur. Amma Avropa, məsələn, Belarusa, başqa ölkələrə münasibətdə arzuolunmaz şəxslərin siyahısını “qara siyahı” adı ilə müəyyənləşdirib. Dünyada özünü göstərən bu tendensiyanı Azərbaycan da özünün qanunvericilik sisteminə gətirməlidir. Qarabağa Azərbaycanın iradəsindən kənar gedən xarici vətəndaşların, o cümlədən öz vətəndaşlarımızın qara siyahısının tərtib olunması, onların üzərinə müəyyən məsuliyyət qoyulması və xarici vətəndaşların isə ölkəyə buraxılmasının qadağan edilməsi kimi müddəaları müvafiq qanunvericiliyə gətirə bilərik. Vaxt aparmaq istəmirəm, bunlar hansı qanunlarda ola bilər, onları təklif edə bilərəm.
Təhsillə bağlı müxtəlif məsələlərə toxunuldu. Mən düşünürəm, ən təqdirəlayiq hadisə ondan ibarət oldu ki, ölkə başçısının tapşırığı, cənab Sədrin və müvafiq komitənin birgə səyi ilə, nəhayət ki, yeni təhsil qanunu qəbul olunub. Bundan sonrakı dövrdə törəmə qanunların da qəbulu gözləniləndir. Heç şübhəsiz ki, təhsil islahatları Azərbaycanın qarşısında ən prioritet vəzifə olmalıdır. Mən düşünürəm ki, qarşıdakı dövrdə biz bunları edəcəyik, çünki kimsə bəzən qəbul qaydalarını dəyişir, kimsə orta məktəblərdə ümumi imtahanlar apararaq fərqli qaydalar müəyyənləşdirir. Bunların hamısı qanunun predmetidir. Bəzi icra qurumları parlamentin səlahiyyətlərini həyata keçirməkdədirlər.
Sonuncu olaraq mən Seçki Məcəlləsi ilə bağlı məsələnin hər seçki dönəmində parlamentin gündəminə qaytarılmasının əleyhinəyəm. Əgər bu məsələlər müzakirə olunacaqsa, mən hesab edirəm ki, müəyyən təkliflərimiz var.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Payız sessiyasının qanunvericilik işləri planına daxil olan layihələri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, onların qəbul edilməsi Azərbaycanda qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılan sanballı addımlar olacaq. Hesab edirəm ki, Tikinti Məcəlləsini, Şəhərsalma Məcəlləsini və Rəqabət Məcəlləsini bu sessiyada qəbul eləsək, bu, aidiyyəti sahələrin qanunvericilik bazasının möhkəmləndirilməsində ciddi rol oynaya bilər. Digər mühüm sənədləri də müsbət qiymətləndirirəm.
Eyni zamanda, mən qeyd eləmək istərdim ki, seçicilərlə görüş digər şərtlərlə yanaşı, həm də mini sosioloji sorğulardır. Onlarla söhbət zamanı irəli sürülən təklifləri sistemləşdirəndə, birinci yerdə Qarabağ məsələsi, ikinci yerdə isə sosial məsələlər durur. Ona görə mən qanunvericilik işləri planına məhz bu kontekstdən bəzi əlavələrin edilməsini vacib hesab edərdim. Mətbuatdan məlum olduğu kimi, rəsmi dairələr artıq hərbi doktrinanın başa çatdığını bildirirlər. Ona görə də mən arzulayardım ki, bu proses sürətləndirilsin və hərbi doktrinanın məhz payız sessiyasında qəbul edilməsi mümkün olsun. Bu gün dünyada baş verən proseslər, qeyri-müəyyənliklər, Azərbaycan ətrafında gedən oyunlar məhz indi belə bir doktrinanın qəbulunu zəruri edir. Əgər parlament bu istiqamətdə addım atsa, bu, ümumi işin xeyrinə olar.
Sosial xarakterli məsələlərdən isə əhalinin daha çox qabartdığı sovet dövründən qalmış əmanətlərin qaytarılmasıdır. Burada Cəmil müəllim də bu məsələni qaldırdı. İnformasiya üçün qeyd eləmək istəyirəm ki, mən 2008-ci il may ayının 15-də Batmış əmanətlərin qaytarılması haqqında qanun layihəsini hazırlayıb İqtisadi siyasət komitəsinə vermişəm. Dövlət borcu haqqında qanun layihəsinə məhz batmış əmanətlərin dövlətin daxili borcu olması bəndini əlavə etməklə ikinci bir qanun layihəsi də vermişəm. Hesab edirəm ki, bu prosesi uzatmağa dəyməz. Bu, qısa müddətdə qəbul ediləsi qanun deyil, çünki indidən başlanılsa, çəkişmələr, müxtəlif fikir toqquşmaları ilə zaman aparacaq. Ona görə bu sessiyada Batmış əmanətlərin qaytarılması haqqında qanun layihəsinin müzakirəsinə başlanılması yaxşı olar.
Təhsil haqqında Qanunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Təhsil haqqında model qanunun qəbul edilməsi bir sıra yeni qanunların qəbul edilməsinə yol açır. Artıq payız sessiyasında biz Ali təhsil haqqında qanun layihəsinə baxacağıq. Ona görə artıq mənim tərəfimdən Təhsil kreditləri haqqında qanun layihəsi hazırlanıb, ictimai müzakirəyə verilib. Xahiş edirəm, nəzərə alın, ictimai müzakirədən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada həmin qanun layihəsi payız sessiyasının gündəliyinə daxil edilsin.
Bir vacib məsələni də qeyd eləmək istəyirəm. Sovet dövründə pensiyaya çıxan insanların bir hissəsi sonradan pensiyaya çıxanlarla müqayisədə aşağı pensiya alırlar. Dövlət hakimiyyət orqanlarının nümayəndələri ilə söhbət eləmişik. Hesab edirəm ki, bu istiqamətdə əlavə vəsaitin və əlaqədar təşkilatlara ştatların ayrılması bu prosesi sürətləndirmiş olar. Doğrudan da, həmin insanlara yalnız maddi deyil, həm də psixoloji, mənəvi zərbə dəyir. Onların sayı o qədər də çox deyil. Hazırda pensiya sahəsində islahatlar istiqamətində sənədlər hazırlanır, ona görə dediyim o kateqoriyaya aid pensiyaçıların pensiyasının artırılması istiqamətində addımlar atılmasını vacib hesab edirəm. Ümumiyyətlə, payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş qanunvericilik sənədlərini qəbul etsək, hesab edirəm ki, bu, Milli Məclisin Azərbaycanda qanunvericilik bazasının möhkəmləndirilməsinə gözəl bir töhfəsi olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən istəyirəm, sizinlə məsləhətləşəm. İclasın gündəliyində otuza qədər məsələ var. Əgər belə getsək, günün birinci yarısında ancaq bu məsələni müzakirə edəcəyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, üsyan eləməyin, mən hələ məsləhətləşirəm. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, Ziyafət müəllim. Mən 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı ilə diqqətlə tanış oldum və hesab edirəm ki, bu plana aktual, çox vacib qanun layihələri salınıb və bizim cəmiyyət çoxdan bu qanun layihələrinin qəbul olunmasını gözləyir. Bununla belə, qanunvericilik işləri planına elə bir qanun layihəsi də salınıb ki, bunu bizim elmi ictimaiyyət, ziyalılar uzun müddətdir ki, böyük intizarla gözləyirdi. Bu da Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsidir. Bildiyimiz kimi, bu, çox vacib qanun layihəsidir və bunun qəbulu cəmiyyətdə müsbət rol oynamalıdır. Elm insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır. Elmin inkişafı bütün xalqımız üçün, əlbəttə ki, tarix boyu olduğu kimi, bundan sonra da böyük töhfəsini verəcəkdir. Azərbaycan xalqının da həmişə elmə, alimə hörməti böyük olub.
Siz bilirsiniz ki, keçmiş Sovetlər Birliyinin dağılması və daha sonra baş verən hadisələr Azərbaycan elminə də mənfi təsirini göstərib və bunun acı nəticələrini Azərbaycanın elmi ictimaiyyəti bu gün də hələ tam dəf etməyib. Düzdür, ölkədə elmin inkişafına böyük diqqət yetirilir. Ümummilli liderimiz Azərbaycan Milli Elmlər Akademiyasını Azərbaycan xalqının milli sərvəti adlandırmışdı. Dəfələrlə vurğulanmışdı ki, biz Milli Elmlər Akademiyasını nəyin bahasına olursa-olsun qoruyub saxlamalıyıq. Alimlərin məvacibləri vaxtaşırı artırılıb. Amma sirr deyil ki, bu gün də Milli Elmlər Akademiyasının vəziyyəti heç də ürəkaçan deyil. Alimlərin də sosial vəziyyəti, əlbəttə ki, bir o qədər də yaxşı deyil. Ona görə də bu qanun layihəsinin qəbulu böyük intizarla gözlənilir.
Burada hörmətli Prezidentimizin sözləri səsləndi: “biz neft kapitalını insan kapitalına çevirməliyik”. Məhz neft kapitalının insan kapitalına transformasiyasında, əlbəttə ki, əsas rolu Azərbaycan elmi oynamalıdır. Burada ümummilli liderimizin sözləri yada düşür. O deyirdi ki, XXI əsrdə yalnız o xalqlar böyük inkişafa nail olacaqlar ki, onlar yüksək elm tutumlu texnologiyalara malikdirlər. Burada da, əlbəttə ki, Azərbaycan elminin rolu çox böyük olmalıdır. Bu gün Azərbaycan elmi modernləşməlidir, elmdə islahatlar aparılmalıdır, idarəetmə sistemi təkmilləşməlidir. Bu gün Azərbaycan elmində maliyyələşmə mexanizmləri təkmilləşməlidir və Azərbaycan alimlərinin sosial vəziyyəti yaxşılaşmalıdır.
Bildiyimiz kimi, ölkə Prezidenti bir qədər öncə “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya”nı imzaladı. Bu strategiyanın müvafiq maddələrindən biri Azərbaycan elminin inkişafı üzrə müvafiq normativ hüquqi bazanın hazırlanmasıdır. Məhz bu bazanın hazırlanmasında qanunun qəbulu çox vacibdir və mən ümid edirəm ki, biz payız sessiyasında Elm və dövlət elmi-texniki siyasəti haqqında qanunu qəbul edəcəyik. Bu da Azərbaycan elminin növbəti mərhələyə daxil olması üçün böyük stimul yaradacaq. Mən istərdim, həmkarım Elmira xanımı dəstəkləyəm. O, qanunvericilik işləri planına Gənc ailələrə sosial dəstək haqqında qanun layihəsini təklif elədi. Hörmətli Ziyafət müəllim, hesab edirəm, bu, vacib məsələdir.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim gündəliyə etirazım yoxdur, ancaq bir-iki təklifim var, istərdim, nəzərinizə çatdırım. Hesab edirəm ki, payız sessiyasının gündəliyinə səhiyyədəki real vəziyyətlə bağlı ayrıca məsələ salınmalıdır. Doğrudur, epizodik olaraq burada səhiyyənin ayrı-ayrı problemləri haqqında müxtəlif çıxışlar etmişik. Mən imtiyazlı xəstələr barədə müntəzəm olaraq çıxışlar etmişəm. Ancaq çox təəssüf ki, bütün çıxışlarımız burada qəbul etdiyimiz “Dərman vasitələri haqqında” və “Onkoloji yardım haqqında” qanunlar kimi tam icrasız qalmışdır.
Təsəvvürünüzə gətirin ki, burada “Onkoloji yardım haqqında” Qanun qəbul eləmişik, ancaq indinin özündə də onkoloji xəstə kimi qeydə alınan xəstələrin hər birinə 100–150 manata başa gələn müxtəlif preparatlar elə xəstəxananın özündə satılır. Yaxud mən bilmək istəyirəm ki, Azərbaycanda şəkərli diabet xəstələri kifayət qədər maliyyə vəsaiti ayırmağımıza baxmayaraq dərmanla təmin olunacaqmı? Yaxud Azərbaycanda, xüsusilə rayon yerlərində kütləviləşən vərəmə qarşı nə vaxt mübarizə aparılacaq? Aydındır ki, dünyanın aparıcı ölkələrində vərəm təkcə tibb problemi kimi yox, həmin ölkənin sosial problemi kimi qəbul olunur. Yəni vərəmli xəstələrin göstəricisi həmin ölkələrin sosial-iqtisadi inkişafının, mədəni təhsil səviyyəsinin və insanların həyat səviyyəsinin göstəricisi kimi qəbul olunur. Ona görə bu ölkələrdə vərəmə və onun təzahürlərinə qarşı kəskin mübarizə aparılır. Bizdə isə proses tamamilə əksinə gedir.
Fikirlərimi sübut eləmək üçün seçildiyim İmişli rayonundan kiçik bir misal çəkmək istəyirəm. İmişli rayonunda nəinki müasir avadanlığı, hətta adi su xətti belə olmayan vərəm dispanseri düz 15 ildir ki, köçkünlərin istifadəsinə verilmişdir. Halbuki hazırda İmişli rayonunda rəsmi qeydiyyatda 552 vərəmli xəstə qeydə alınmışdır ki, bunun da 198 nəfəri açıq vərəmli, 354 nəfəri isə qeyri-açıq vərəmli xəstədir. Müqayisə üçün bildirmək istəyirəm ki, əgər 2008-ci ildə vərəmli xəstələrin artım sürəti 60 nəfər olubsa, 2009-cu ilin 9 ayında bu rəqəm artıq 66 nəfərə çatmışdır. Mütəxəssislərin qeyd elədiyinə görə, rayonda vərəmli xəstələrin sayı 552 nəfər deyil, əslində, 1000 nəfərdən artıqdır. Hətta rəsmi qeydiyyatı belə nəzərə alsaq, 110 min nəfərlik rayon üçün 552 nəfər vərəmli xəstənin qeydə alınması səhiyyədəki dəhşətli faktlardan xəbər verir. Ancaq təəssüf ki, səhiyyədə belə acınacaqlı vəziyyət yaranmasına baxmayaraq, 4 il müddətində bir dəfə də olsun bu məsələni Milli Məclisdə müzakirə etməmişik, Səhiyyə Nazirliyindən bu hesabatı istəməmişik.
Biz burada müxtəlif məsələlərə toxunuruq. Misal üçün, biz ildə bir dəfə bələdiyyələrlə bağlı mərkəzin hesabatını burada müzakirə edirik, ancaq insanların sağlamlığı, həyatı ilə birbaşa bağlı olan səhiyyə məsələsinə bir dəfə də olsun toxunmuruq. Ona görə də hesab edirəm ki, səhiyyədəki bu real vəziyyət nəzərə alınmalı və bu məsələ payız sessiyasının gündəliyinə çıxarılmalıdır.
İkinci təklifim kənd təsərrüfatında yaranan acınacaqlı vəziyyətlə bağlıdır. Mən hesab edirəm ki, kənd təsərrüfatında çox bərbad vəziyyət yaranmışdır. Təkcə ölkənin Milli ekoloji proqramına istinad etsək, ölkədə əkinə yararlı olan torpaqların 1,2 milyon hektarı eroziyaya uğramışdır. Həmin torpaqların 1,1 milyon hektarı şoranlaşmışdır. Ümumilikdə, əkinə yararlı 4,5 milyon hektar torpaq sahəsi vardır ki, bunun da 3,6 milyon hektarı tamamilə bu və ya digər şəkildə şoranlaşdığından, demək olar ki, məhsuldarlığını itirmişdir.
Yaxud başqa bir misal. Ölkədə, demək olar ki, fermer təsərrüfatı yoxdur. Kənd təsərrüfatı məhsullarının 97 faizi ev təsərrüfatlarında istehsal olunur. Kənd təsərrüfatındakı məhsuldarlıq sənayedəki analoji göstəricidən 85 dəfə geri qalır. Mütəxəssislərin hesablamasına görə, ümumi daxili məhsulda kənd təsərrüfatının payı 15 faiz olduğu halda bu göstəricinin 5 faiz təşkil etməsi kənd təsərrüfatındakı ağır vəziyyətdən xəbər verir. Ona görə də kənd təsərrüfatı məsələsi bu sessiyanın gündəliyinə qoyulmalı və kənd təsərrüfatına dair qanunvericilik bazamız təkmilləşdirilməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Sağ olun. Hörmətli millət vəkilləri, gündəliklə bağlı təklif olunan məsələlərə etirazımız yoxdur. Bir sıra vacib məsələlər burada öz əksini tapıb. İndiyə qədər müsavat deputat qrupu 10-dan artıq qanun layihəsi təqdim edib. Çox təəssüflər olsun ki, onların biri də bura salınmayıb.
Burada diqqətimizi çəkən qanun layihələri var ki, onları birinci oxunuşda müzakirə etmişik. Tikinti Məcəlləsini, Şəhərsalma Məcəlləsini, Rəqabət Məcəlləsini müzakirə etmişik, sözümüzü demişik. Bu Rəqabət Məcəlləsi bura salınıb, yəqin ki, qəbul olunacaq. Amma söhbət ondadır ki, ölkədə rəqabət mühiti yoxdur. Ölkədə hakim partiyanın diktəsi, monoloqu var.
Bu rəqabət mühitində heç kəsə haqq tanınmır. Onun bir nümunəsi də burada parlamentdədir. Çox təəssüflər olsun ki, payız sessiyası da əvvəlki sessiyalar kimi yenə də müxalifətin hüququnun pozulması ilə başladı. Amma normal demokratik ölkələrdə belə deyil. İlk olaraq, bəli, gündəliyə əlavələrlə bağlı müxalifətə haqq tanınmalıdır, tribuna verilməlidir və o, yarım saat ərzində özünün təklif etdiyi qanun layihələrini diqqətə çatdırmalıdır. Bunun səbəbi bəllidir. Doğrudan da, bu hakimiyyət gerçək müxalifətdən qorxur. Kimi isə müxalifət adı ilə seçki komissiyalarında təmsil etdirib “bu mənim müxalifətimdir” – deyə ona söz verməklə deyil. Bu xalq kimin kim olduğunu çox yaxşı bilir. Bu xalq əgər gerçək, normal, demokratik seçki olarsa, gerçək müxalifətin də kim olduğunu üzə çıxarar, gerçək iqtidarın da kim olduğunu yapar. Amma çox təəssüflər olsun ki, ölkədə bu rəqabət olmadığına və qanunlar işləmədiyinə görə bu mühit Azərbaycana hakimdir.
Mən təklif edirəm ki, qanunların işləməməsi ilə bağlı bir mexanizm sisteminin hazırlanması məsələsi gündəliyə daxil edilsin. Burada iki problem var. Birinci, qanunların qəbul olunması məsələsində hüquqların pozulmasıdır, ikinci, qəbul olunmuş qanunlara məhəl qoyulmaması və hakimiyyət nümayəndələrinin bu qanunların üstündən keçərək istədikləri kimi idarə etmələridir. Bu, bütün sferalarda özünü göstərir.
Bu günlərdə sel fəlakəti ilə bağlı regionlarda baş verən o faciə hər birimizin diqqətini çəkdi, hər birimizin ürəyini ağrıtdı. Burada da səsləndi, bəli, doğrudan da, biz bu fəlakətlərə hazır deyilik. Amma Azərbaycanda ondan da dəhşətli bir fəlakət tüğyan eləməkdədir. Bu, Azərbaycanda baş verən korrupsiya və rüşvətdir ki, hər kəsin evini basıb. Bu, 1 metr 20 santimetrdən də yuxarı, evin lap tavanına qədər daxil olub. Ölkədə rüşvət və korrupsiya görünməyən bir formada tüğyan edir. Hesab edirəm ki, bu məsələ də gündəliyə salınmalıdır. Baxmayaraq ki, bir çox mexanizmlər yaradılıb, rüşvət və korrupsiyaya nəzarət mexanizmi ilə bağlı hesabatlar var, sözlər deyilir, amma mən hesab edirəm ki, ildən-ilə, gündən-günə rüşvət və korrupsiyanın miqdarı artmaqdadır. İş o yerə gəlib çatıb ki, bir-iki il bundan əvvəl Milli Məclisin deputatlarının bu məsələ ilə bağlı dediklərinə münasibət bildirilirdisə, indi nazirlər, komitə sədrləri, hakimiyyət nümayəndələri buna heç əhəmiyyət də vermirlər. Mən sizi inandırıram, hətta elələri var ki, müxalifətin kiminsə adını tənqidlə çəkməsini istəyir və hətta bunun onun xeyrinə olacağını düşünür. Düşünür ki, müxalifət kimi isə tənqid edirsə və onun adı çəkilirsə, bəli, bu hakimiyyətə xoş görünmək üçün ona cavab verməlidir və hakimiyyət onu müdafiə etməlidir.
Mən son dövrlər tendensiya halını alan bir məsələyə də sizin diqqətinizi çəkmək istəyirəm. Bu, hüquq mühafizə orqanlarında baş alıb gedən özbaşınalıqla bağlıdır. Biz məhkəmələrin azad olmadığını, Azərbaycan iqtidarından asılı vəziyyətdə olduğunu, yuxarıların diktəsi ilə işlədiyini bilirdik, amma bu məsələ son dövrlərdə xüsusi diqqət çəkir. Siz təsəvvür edin, əvvəl hər hansı bir məsələ ilə bağlı şikayət vardısa, bunun süründürməçiliklə də olsa, nəticəsinə nail olmaq mümkün olurdu. Son dövrlərdə isə Azərbaycanda əzilən, döyülən, təzyiqlərə və təqiblərə məruz qalan insanlar hüquq mühafizə orqanlarına şikayət edərlərsə, onların şikayətinə baxmaq əvəzinə həmin insanların özlərini tutub içəri salırlar və cinayət məsuliyyətinə cəlb edirlər. Burada Cəmil müəllim də, digər deputatlar da Adnan Hacızadə və Emin Millinin məsələsi ilə bağlı fikirlərini səsləndirdilər. Biz o məhkəmələrin işində iştirak edirik. İnanın, biabırçılıqdır. Məhkəmədə otururuq və görürük ki, doğrudan da, qanunları bu hakimlər bütün sahələrdə ələ salırlar. Çox acınacaqlı haldır və bu, Azərbaycana heç də yaxşı gələcək vəd etmir. Əlbəttə, biz parlamentdə hər zaman bu məsələləri qaldıracağıq və buna son qoyulmasını tələb edəcəyik.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclis, hörmətli həmkarlar və mətbuat mənsubları! İlk öncə istəyirəm, sizin diqqətinizi bir daha bu günlərdə baş vermiş çox möhtəşəm bir hadisəyə cəlb edim və on illərlə arzu olunan bir məsələnin məntiqi nəticəsi, sonluğu olaraq Türk dill Ölkələrin Parlament Assambleyasının fəaliyyətə başlaması münasibəti ilə hamınızı təbrik edim. İnanıram ki, bu, formal bir təşkilat olmayacaq, türk birliyi fikrinin reallaşması yolunda çox böyük rol oynayacaqdır.
İkinci böyük hadisə, əlbəttə, Milli Məclisin əlavə korpusunun tikilməsidir, mübarək olsun! Amma mən çox arzu edərdim ki, yalnız fasad deyil, eyni zamanda, Milli Məclisin mahiyyəti də dəyişsin. Milli Məclis Ali Sovetdən normal parlamentə keçid dövründə çox əhəmiyyətli bir addım atsın və bu bina da ona xidmət etmiş olsun.
İndi isə istəyirəm, iş planı ilə bağlı fikirlərimi deyim. Burada mənim diqqətimi 3 qrup məsələ cəlb edib. Birinci, əlbəttə, burada gərəkli qanun layihələri çoxdur. Arzu edirəm ki, bunlar millətimiz, dövlətimiz üçün xeyirli olsun. Çoxdandır gözlədiyimiz tikinti, şəhərsalma haqqında qanun layihələri, ümid edirik ki, vəziyyətə müsbət dəyişiklik gətirəcək. Amma burada diqqəti cəlb edən məsələ sosial müdafiə sisteminin çox zəif olmasıdır. Yəni bu payız sessiyasında sosial müdafiə ilə bağlı qanun layihələrinin olmamasıdır. Mənim konkret bir təklifim var. Burada 22 bənd var. Axırıncı, 23-cü bənd də, heç olmasa, bir yenilik olsun. Burada göstərilsin ki, Konstitusiyanın 95-ci maddəsinə uyğun olaraq Milli Məclis lazım bildiyi məsələləri gündəliyə çıxara və müzakirə edə bilər. Milli Məclisin bu 4 illik fəaliyyəti dövründə mən bircə dəfə dinləmələrin şahidi oldum. Bu da Xocalı soyqırımı ilə bağlı idi. Amma normal parlamentdə dinləmələr çox normal bir hal almalıdır. Xüsusən də komissiyalar komitələrə çevrildi və onlar lazım bildikləri bütün məsələləri gündəmə çıxara bilərlər.
Mən radiodan eşitdim. Dedilər ki, sosial müdafiə məcəlləsi hazırlanacaq. Arzu edirəm ki, bu, yalnız sosial müdafiə ilə bağlı mövcud qanunları, belə deyək, birləşdirici bir məcəllə olmasın. Yeni qanun layihələri də olsun. O cümlədən arzu edərdim ki, nəhayət, “Yaşayış minimumu haqqında” Qanunun tətbiqi məsələsinə baxılsın. Çünki bu qanun 1992-ci ildə qəbul olunub və Azərbaycanın bugünkü maliyyə imkanları şəraitində buna baxmaq lazımdır. Əlbəttə, sosial problemlər, digər problemlər çoxdur. İnhisarçılıqdan danışmağın heç yeri deyil, bəlkə də heç xeyri yoxdur. Korrupsiyadan və digər məsələlərdən danışmağın bəlkə də əhəmiyyəti belə yoxdur.
Diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Çox kiçik, amma çox utandırıcı məsələdir. Avropanın böyük şəhərləri arasında Bakı ən zibilli, ən çirkli şəhərdir. Bakıya gələn qonaqlar deyirlər ki, qatarla Yalamanı keçən kimi Rusiyadan fərqli olaraq dəmiryolunun hər iki tərəfi zibil içindədir. Qonağı bir yerə aparmağa utanırıq, yolları dəyişməyə məcbur oluruq. İndi onu bələdiyyələrə tapşırıblar. Bələdiyyələr də torpaqları satdılar. Onlar, heç olmasa, zibil məsələsini həll etsinlər və bir işə yarasınlar. Bir hakimiyyət ki zibili yığışdıra bilmir, məncə, onun müsbət fəaliyyəti haqqında danışmağa ehtiyac yoxdur. Bu rəsmi günlər, bayramlar haqqında qərara da yenidən baxmağa ehtiyac var.
Sədrlik edən. Nəsib müəllim, düzdür, zibillər çoxalıb, amma əmin olun ki, hakimiyyət onu silib-süpürəcək. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm. Hörmətli Milli Məclis üzvləri! Təəssüf edirəm ki, Milli Məclisin payız sessiyası ölkə həyatının bütün sahələrində neqativ halların güclənməsi şəraitində işə başlayır və bu, bütün sahələri əhatə edir. Son dövrdə sosial sahədə əldə olunmuş bir sıra nailiyyətlər heçə enməkdədir. Birinci növbədə mən pensiyaçıların və təqaüdçülərin vəziyyətinə diqqətinizi cəlb edirəm. Əvvəldən nəzərdə tutulmasına baxmayaraq, sosial pensiyaların artırılması və minimum yaşayış səviyyəsinə çatdırılması məsələsi həyata keçirilmədi. İndi də son aylarda da çox güclü bir şəkildə çox cüzi səviyyədə olan pensiyaların və təqaüdlərin vaxtında verilməməsi, ləngidilməsi haqqında həyəcanlı siqnallar daxil olmaqdadır. Milyardlarla vəsait hesabına etiraf etmək lazımdır ki, son bir-iki ildə elektrik enerjisi, qaz və su təchizatı sahəsində müəyyən irəliləmələr əldə olunmuşdur. Lakin bu il ərzində, xüsusilə yaydan başlayaraq elektrikin və qazın verilməsində fasilələr olduqca güclənmiş və bu, sistemli hal almışdır. Xüsusən kənd rayonlarında bu, hazırda olduqca ciddi bir problemə çevrilmişdir.
Məmur özbaşınalığı məsələsi xüsusilə diqqəti cəlb etməkdədir. Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən Mehman Əmirquliyevin döyülməsi hadisəsinə bu cür reaksiya verilməsinə baxmayaraq, bu hallar nəinki aradan qaldırıldı, əksinə, daha da gücləndi. Bütövlükdə vətəndaşların nümayişkaranə bir şəkildə küçədə tutulub döyülməsi, söyülməsi və təhqir olunması, bir daha təkrar edirəm, bunun bariz bir nümunəsidir. Ən dəhşətli hadisə Naxçıvanda baş verdi. Burada tez-tez Naxçıvandan nümunə gətirirlər. Mənim də qəbulumda olan Qurban Məmmədov adlı sahibkar mətbuatda çıxış etdikdən və mətbuat konfransı keçirdikdən sonra Naxçıvana qayıtdı. Bundan sonra yalnız sovet dönəmində müşahidə etdiyimiz və bu gün xarici ölkə diplomatlarının, ombudsman və digərlərinin diqqətini cəlb edən çox dəhşətli bir hadisə baş verdi – şikayətçi məcburi qaydada ruhi xəstəxanaya yerləşdirildi. Həmin vətəndaş haqqında bu gün də hər hansı bir məlumat verilməməkdədir.
Yenə diqqəti başqa bir sahəyə yönəltmək istəyirəm. Bu, əsasən, insan hüquq və azadlıqları sahəsinə aiddir. Çox açıqca deyilməlidir ki, bu sahədəki vəziyyət ölkədəki ümumi tendensiyanı daha doğru-düzgün əks etdirir. Ölkə başçısının və ona yaxın olan şəxslərin tənqid olunmasına qarşı bir tabu qoyulması, toxunulmazlıq olması halları çox ciddi fəsadlara gətirib çıxarmışdır. Hesab edirəm ki, yerlərdəki o kiçik “padşahlar” və kiçik məmurlar da özlərinə qarşı belə bir toxunulmazlığı əldə etməyə çalışacaqlar. Nə baş vermişdir? Hazırda Qənimət Zahidin və Eynulla Fətullayevin həbsdə olmaları aydındır. İndi yeni internet jurnalistlərinin həbs olunan jurnalistlər sırasına daxil olması hadisəsi baş verməkdədir. 4 məhbusun həbsi birbaşa dövlət başçısı haqqında gedən tənqidi yazılarla əlaqələndirilir. Ona görə də mən hörmətli Prezidentə, dövlət başçısı İlham Əliyevə müraciət edirəm ki, özünün sifarişi kimi cəmiyyət və bizlər tərəfindən dəyərləndirilən bu məsələni həll etsin və həmin jurnalistlər üçün həqiqi ədalət mühakiməsinin keçirilməsi, onların qeydsiz-şərhsiz azad olunması üçün yüksək vəzifəsindən və mövqeyindən istifadə etsin.
Digər bir sahədə də biabırçılıq halları daha da artmaqdadır. İndi burada hamı bələdiyyə seçkilərindən və bələdiyyələrin səlahiyyətlərindən danışır. Amma artıq bələdiyyələr faktiki olaraq keçmiş kənd soveti idarələrində müşahidə etdiyimiz bir vəziyyətə düşməkdədir. İndi onların dekabr ayında keçiriləcək seçkilərə, hazırlıq vəziyyəti, qanunvericilik sahəsində heç bir düzəlişlərin edilməməsi, seçki komissiyalarının Yeni Azərbaycan Partiyası və icra hakimiyyəti orqanlarının faktiki inhisarında olaraq qalması göstərir ki, bu sahə nəinki yerli özünüidarəni və yerli demokratiyanı möhkəmləndirəcəkdir, əksinə, Azərbaycanı 1970–1980-ci illərdə mənim özümün şahidi olduğum durğunluq dövrünün vəziyyətinə aparıb çıxaracaqdır.
Gələn il parlament seçkiləri keçiriləcək. Burada tez-tez yerdən replikalar da eşidilir. Hörmətli Eldar müəllim də “burada müxalifət varmı, müxalifət elə öz uşaqlarımızdır” –deyə bir replika verdi. Mən bunu eşitdim. Azərbaycanın real müxalifəti vardır. O, Azərbaycan Respublikasında fəaliyyət göstərən demokratik qüvvələrdir. Ona Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası və digər partiyalar rəhbərlik edir. Hörmətli Eldar müəllim bilsin ki, gələn il parlament seçkilərində həmin müxalifət öz sözünü deyəcək və öz iradəsini ortalığa qoyacaqdır. Toxunulması lazım gələn çox ciddi məsələlər vardır. Parlament ona verilən konstitusion səlahiyyətdən istifadə edərək bu məsələlərə münasibət bildirməli, müvafiq qərarlar qəbul etməlidir. Hörmətli YAP-çılar və hörmətli iqtidar xidmətçiləri, sonda bildirirəm ki, müsavat deputat qrupu həm bu Milli Məclisdə, həm də kənarda xalqın demokratik müqavimətinin önündə olmuşdur və önündə olmaqda davam edəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Əli Əhmədov.
Ə. Əhmədov. Hörmətli Ziyafət müəllim, düşünürəm ki, təbriklərə qoşulmaq heç zaman gec deyil. Mən də Azərbaycan Respublikası Milli Məclisinin növbəti sessiyasının başlanması münasibəti ilə hər birinizi təbrik etmək istəyirəm. Azərbaycan Milli Məclisinin gözəl yeni korpusunun istifadəyə verilməsi münasibəti ilə hər birimizi təbrik etmək istəyirəm. Bütün bunların hamısı Azərbaycandakı inkişafın, yeniləşmənin, müasirləşmənin ən bariz nümunəsidir. Azərbaycanın inkişafının ən gözəl nümunəsidir, bütün dünyanın iqtisadi tənəzzülü zamanında ölkə iqtisadiyyatının inkişafının göstəricisidir. Ölkənin 2009-cu ilin 6 ayındakı inkişaf nəticələri və bu inkişafın iqtisadi yüksəlişin 5–6 faiz olması göstərir ki, Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, digər sahələr də inkişaf etməkdədir.
Mən təklif edərdim ki, bu gün Azərbaycanda tənqid üçün müxtəlif yerlər axtaran müxalifət nümayəndələri ilk növbədə Azərbaycanda iqtisadiyyatın və iqtisadiyyatla bərabər digər sahələrin inkişafı haqqında da danışmağı unutmasınlar. Belə olan halda onlar da, yəqin ki, cəmiyyət tərəfindən qiymətləndirilərdilər. Bu gün Azərbaycanda siyasi qüvvələrin nisbəti Azərbaycan vətəndaşlarının seçiminin nəticəsidir. Əgər Azərbaycanda müxalifətə, onların dedikləri fikirlərə diqqət yoxdursa, bu, insanların onlara etimadının olmamasının göstəricisidir. Bunun da səbəbi, günahı, güman edirəm ki, heç harada axtarılmamalıdır. Müxalifət bunun səbəbini özündə axtarmalıdır. Onlar düşünməlidirlər ki, nəyə görə insanlar onlara etimad göstərmirlər? Güman edirəm ki, bu onları birbaşa düşündürən məsələ olmalıdır.
Əgər Yeni Azərbaycan Partiyası və onların nümayəndələrinə Azərbaycan vətəndaşları etimad göstərirlərsə, Azərbaycan parlamentində yerlərin çoxunda onların oturmalarını rəva biliblərsə və onlara səs veriblərsə, hesab edirəm ki, buna görə Yeni Azərbaycan Partiyasının hər bir nümayəndəsi qürur və iftixar duymalıdır. Buna görə də Yeni Azərbaycan Partiyasının rəhbərinə və Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycanın Prezidentinə öz hörmət və ehtiramını bildirməlidir, necə ki, Azərbaycan xalqı bu hörmət və ehtiramı dəfələrlə illər boyu nümayiş etdiribdir. Bu gün deyirsiniz ki, Yeni Azərbaycan Partiyası burada dominantlıq edir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının dəstəyi əsasında Azərbaycan parlamentində çoxluq əldə edibdir. Bu onun konstitusion haqqıdır. Siz nə vaxt bu dəstəyi əldə edə bilsəniz, əgər edə bilsəniz, onda sizin bu hüquqdan istifadə etmək növbəniz çatacaqdır.
Bu gün siz Azərbaycanda siyasi rəqabətin olmaması haqqında fikir söyləyirsiniz. Güman edirəm ki, bu, tamamilə əsassızdır, çünki Azərbaycanda bugünkü real müxalifət rəqabət qabiliyyətinə malik olmayan müxalifətdir. Mən demirəm ki, Azərbaycanda müxalifət yoxdur. Siz müxalifətçilərsiniz, amma sizin rəqabət qabiliyyətiniz yoxdur. Rəqabət qabiliyyətiniz olmadığına görə də Yeni Azərbaycan Partiyası ilə rəqabət apara bilmirsiniz. Bunun da real nəticəsi bundan ibarətdir. Bu gün siz yalnız və yalnız qara yaxmaqla, yalan danışmaqla özünüzün mövcudluğunuzu sübut etmək istəyirsiniz. Amma hesab edirəm ki, siyasi arenada mövcud olmaq, çəkiyə nail olmaq üçün böhtan və şər atmaq yetərli üsul və vasitə deyil. Siz nə vaxt bundan əl çəksəniz, ola bilər ki, o zaman insanların sizə də münasibəti dəyişər.
Burada Azərbaycan cəmiyyətinin bəzi sahələri ilə əlaqədar fikirlər səsləndirildi. Məsələn, təhsillə bağlı tənqidi fikirlər səsləndirildi. Biz tənqidin əleyhinə deyilik. Amma mən hesab edirəm ki, tənqiddən əvvəl, heç olmasa, proseslərin real təhlilini verməyə çalışmaq lazımdır. Bir neçə il ərzində Azərbaycanda 1200–1300 məktəb tikilmişdir, cəmi isə 5000 məktəb var. Əgər 3–4 il ərzində bu məktəblərin 30 faizi yenidən, ən müasir tələblərə cavab verərək tikilibsə, bu, Azərbaycan hökumətinin təhsilə olan münasibətinin və təhsil sahəsində həyata keçirilən işlərin bilavasitə nəticəsidir. Azərbaycanda, deyirsiniz ki, guya təhsillə əlaqədar keçid balları aşağıya salınır. Xeyr, Azərbaycanda keçid balları ildən-ilə yuxarı qalxır. Vaxtilə, tutaq ki, 400 bal olan keçid balı indi 500 bala qalxıbdır. Niyə bunları demirsiniz? Əgər bir rayonda təhsillə bağlı hər hansı problem varsa, həmin problem, hesab edirəm ki, başqa kontekstdə verilməlidir. Azərbaycan cəmiyyətinin digər sahələri ilə əlaqədar dedikləriniz real proseslərin tənqidi yox, böhtan olduğuna görə, mən güman edirəm ki, bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən ciddi şəkildə qəbul olunmur.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Hörmətli deputatlar, artıq bizim vaxtımız başa çatır. Mən indi birinci məsələni səsverməyə qoyacağam. Amma çıxışlarla bağlı bir məsələni demək istəyirəm. Mən bu çıxışları diqqətlə dinlədim. Əlbəttə, çoxlu maraqlı təkliflər, qeydlər oldu. Sözsüz, bunlar nəzərə alınacaq və qanunvericilik işləri planında öz əksini tapacaqdır.
Bəzi çıxışlara mən çox diqqətlə qulaq asdım. Mənim yadıma bir hadisə düşdü. 1999-cu ildə bu parlamentdə hörmətli ağsaqqal deputatımız Fəttah müəllim fil və çaqqallar haqqında çox maraqlı bir rəvayət söylədi. Həmin rəvayəti Aqil Abbas qəzetində dərc etdi. Bəzilərinə məsləhət görürəm, bu rəvayəti oxusunlar, “Kəlilə və Dimnə”dəndir. İndi isə buyurun, xahiş edirəm, birinci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə  100
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Gündəliyin növbəti məsələlərinin müzakirəsinə başlayırıq. Azərbaycan Respublikasının Serbiya Respublikasında (Belqrad şəhərində). Azərbaycan Respublikasının Oman Sultanlığında (Maskat şəhərində), Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli səhərində), Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində), Azərbaycan Respublikasının Estoniya Respublikasında (Tallin şəhərində) səfirliklərinin təsis edilməsi haqqında. Aydın müəllim, Siz məlumat verəcəksiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz 2, 3, 4, 5, 6-cı məsələlər haqqında bir yerdə məlumat verin, səsverməni ayrı apararıq. Buyurun, Aydın Abbasov.
A.  Abbasov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də fürsətdən istifadə edərək payız sessiyasının başlanğıcı ilə əlaqədar hamınızı təbrik etmək və gələcək fəaliyyətinizdə uğurlar arzulamaq istərdim.
Hörmətli Ziyafət müəllim, Oqtay müəllim salonda yoxdur, mən bir qrup gənc deputatlar adından hörmətli cənab Sədrə dərin minnətdarlığımı bildirmək istəyirəm. Son zamanlar parlamentdə aparılan abadlıq, quruculuq işlərini görürük, parlamentin iclaslarını yüksək qiymətləndiririk. Ona görə də Oqtay müəllimə dərin minnətdarlığımızı bildiririk. Əlbəttə, bu işlərin hamısı möhtərəm cənab Prezidentimizin rəhbərliyi altında həyata keçirilir. Onun Azərbaycan parlamentinə böyük diqqəti vardır. Ona görə də hesab edirik ki, öz fikirlərimizi bu gün səsləndirməli idik.
Hörmətli həmkarlar, gündəlikdə olan məsələlər çox vacib məsələlərdir. Bu gün müzakirəyə çıxarılmış məsələlərin bir neçəsi Azərbaycan Respublikasının müvafiq xarici dövlətlərdə səfirliklərinin təsis edilməsi ilə əlaqədardır. Serbiya Respublikasında, Oman Sultanlığında, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində, Livan Respublikasında və Estoniya Respublikasında səfirliklərin təsis edilməsi təklif olunur. Bu məsələlər komitəmizdə ətraflı müzakirə edilmiş və komitə üzvləri tərəfindən çox yüksək səviyyədə qəbul olunmuşdur. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda ölkəmizi Serbiya Respublikasında Rumıniyadakı səfirliyimiz, Oman Sultanlığında Səudiyyə Ərəbistanındakı səfirliyimiz, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində Misirdəki səfirliyimiz, Livan Respublikasında Suriyadakı səfirliyimiz və Estoniya Respublikasında Latviyadakı səfirliyimiz təmsil edir. Azərbaycan Respublikasının hər hansı xarici dövlətdə, bilavasitə həmin dövlətdə yerləşən səfirlik vasitəsi ilə təmsil olunması daha məqsədəuyğundur. Hesab edirəm ki, təklif olunan qanun layihələrini qəbul etməklə irəlidə göstərilən dövlətlərdə səfirliklərin təsis edilməsi həmin dövlətlərlə ölkəmiz arasında mövcud olan münasibətlərin daha da sürətlə inkişafı üçün əlverişli imkan yaratmış olardı. Ona görə hesab edirəm ki, bu məsələ ilə əlaqədar hörmətli millət vəkillərimiz öz müsbət fikirlərini bildirəcəklər. Hamımız istərdik ki, Azərbaycanın gələcəkdə ikitərəfli münasibətləri birmənalı olaraq səfirliklərimiz üzərində qurulsun. Bununla da Azərbaycanda gedən çox yüksək səviyyəli işlər başqa dövlətlərə də çatdırılsın. Səsverməyə qoysaydınız, biz də fikrimizi bildirərdik. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Sağ olun. Mən hesab edirəm ki, ölkələrdə diplomatik korpusların açılması çox məqsədəuyğundur və bu, ölkəmizin tanınması və əlaqələrin qurulması baxımından da faydalıdır. Amma məni düşündürən bir məsələ var. Uzun illərdir ki, Azərbaycan–İsrail münasibətləri çox normal səviyyədədir. Dünyanın hər yerində yəhudi lobbi təşkilatları Azərbaycanın haqq işini müdafiə edirlər. Bəzən hətta biz ayrı-ayrı dövlətlərdə onların lobbi təşkilatlarından kifayət qədər yararlanırıq. Nəyə görə Azərbaycan İsraildə diplomatik korpusunun yaradılması ilə bağlı qərar vermir? Bu, doğrudanmı müsəlman dünyasının Azərbaycana münasibəti və yaxud da başqa şərtlərlə bağlıdır? Belə olan təqdirdə düşünmək lazımdır ki, Ermənistanda hansı ölkələrin səfirlikləri var, Ermənistanda hansı ölkələr öz səfirliklərini açıblar və Azərbaycan torpaqlarını işğal edən, Azərbaycan ərazisinin böyük bir hissəsini nəzarətdə saxlayan bir dövlətlə əlaqələr qurublar? Bu cür münasibətlərdə dövlətin konkret maraqları nəzərə alınmalıdır. Azərbaycan dövlətinin maraqları nəzərə alınmalıdır. Bu məsələdə Azərbaycan tərəfi israrlı olmalıdır və beynəlxalq aləmdə daha ciddi dəstək almaq üçün bu məsələlərdə ayrı-ayrı qonşu dövlətlərin mövqeyini hesaba almamalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, İqbal müəllim. Xahiş edirəm, Azərbaycan Respublikasının Serbiya Respublikasında (Belqrad şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Oman Sultanlığında (Maskat) şəhərində Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripol şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Estoniya Respublikasında (Tallin şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bütün millət vəkillərini sessiyamızın başlanması münasibəti ilə təbrik edirəm. Oqtay müəllimə, Milli Məclisin Aparatına təşəkkür edirəm ki, qısa müddət ərzində millət vəkilləri üçün çox gözəl şərait yaradılmışdır.
Növbəti məsələ “Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə” Birgə Bəyanatının təsdiq edilməsi haqqındadır. Birgə Bəyanatda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Azərbaycanın və Rusiyanın iştirakı ilə keçirilən beştərəfli danışıqlarda əldə olunmuş dəyişikliklər: Xəzər dənizinin akvatoriyasının delimitasiyası və onun cənub hissəsində dibin bölgüsü, təhlükəsizlik, təkin istifadə olunması, tranzit və digər məsələləri də əhatə edən bir sıra mühüm aspektlər qeyd edilmişdir. Bütün bu məsələlər hazırlanmaqda olan Xəzər dənizinin statusu haqqında konvensiyada öz əksini tapacaqdır. Bəyanatda, həmçinin adı çəkilən konvensiyada indiyə qədər açıq qalan müddəaların tezliklə reallaşdırılmasına can atılacağı, Xəzəryanı əməkdaşlığın iqtisadi sahəsinə, o cümlədən onun digər mühüm komponenti olan təhlükəsizlik sahəsinə böyük əhəmiyyət veriləcəyi qeyd olunmuşdur. Millət vəkillərindən xahiş edərdik ki, İqtisadi siyasət komitəsinin qərarına müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 16.21 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan və Rusiyanın müvafiq komissiyalarının apardığı Azərbaycan–Rusiya dövlət sərhədinin delimitasiyasının nəticələri üzrə razılıq mövcuddur. Bu barədə bəyanatda qeyd edilir. Tərəflər hesab edirlər ki, dövlət sərhədinin delimitasiyası və Samur çayının su ehtiyatlarından səmərəli istifadəsi və mühafizəsi məsələlərinin həlli zamanı həmin məsələlərin qarşılıqlı əlaqədə olmasını nəzərə almaq lazımdır. Tərəflər bəyanatda həmçinin onu da bildirirlər ki, yekun razılaşmada ekoloji tələbləri, o cümlədən çayın deltasına bu rayonda təbii tarazlığın qorunması üçün zəruri olan razılaşdırılmış və qarşılıqlı məqbul hesab edilən həcmdə su axınının təmin olunması nəzərə alınacaqdır. Bəyanatda sadaladığım məsələlərin reallaşdırılması istiqamətləri öz əksini tapmışdır. Millət vəkillərindən xahiş edərdim ki, bu sənədə də öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“2009–2010-cu illərdə Azərbaycan–Ukrayna əməkdaşlığının Tədbirlər Planı” haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Aydın Abbasov, buyurun.
A. Abbasov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan və Ukrayna xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur.
Bu gün müzakirəyə təqdim olunmuş sənədi bunun əyani sübutu kimi qiymətləndirmək olar. Bu sənəd 2009-cu il aprelin 9-da Bakı şəhərində imzalanmışdır. Sənəddə 2009–2010-cu illərdə Azərbaycan–Ukrayna əməkdaşlığının prioritetləri müəyyən olunmuşdur. Bunlardan ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, təhlükəsizlik sahəsində əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq və sair vacib məsələlər nəzərdə tutulur. Tədbirlər Planında “Klaypeda–İliçevsk–Bakı” dəmir yolu marşrutu layihəsinin həyata keçirilməsinə dair işlərin davam etdirilməsi və əlaqələndirilməsi, Xəzər regionundan çıxarılan neftin Odessa–Brodı boru kəməri vasitəsilə avers rejimində nəql edilməsi də daxil olmaqla, Avrasiya Neft Nəqli Dəhlizinin reallaşdırılması üzrə işlərin əlaqələndirilməsi və bu kimi vacib məsələlər öz əksini tapmışdır. Tədbirlər Planı komitəmizdə ətraflı müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Hesab edirik ki, bu sənəd hər iki ölkənin maraqlarına xidmət edir və təsdiq olunması zəruridir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.15 dəq.)
Lehinə  92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişə dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında əməkdaşlıq əlaqələri bütün istiqamətlərdə inkişaf edib. 2009-cu ildə hava əlaqəsi haqqında Sazişə müəyyən dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin bir qismi redaktə xarakterlidir. Onlar 1-ci, 3-cü maddələrdədir. Bir neçə maddəyə bəndlər əlavə edilir. 3-cü, 6-cı, 13-cü maddələrə əlavələr edilir. Millət vəkillərindən bu sənədə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.27 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Aydın müəllim, buyurun.
A. Abbasov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hazırda təsdiq olunmaq üçün təqdim edilmiş Birgə Bəyannamə 2009-cu il 10 avqust tarixində Latviya Prezidenti cənab Valdis Zatlersin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmışdır. Bəyannamədə ikitərəfli əlaqələri daha da gücləndirmək və gələcəkdə yüksək səviyyəli siyasi ideologiyanı davam etdirmək iradələri bildirilmişdir. Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun hamılıqla tanınmış prinsipləri və normalarına, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Lissabon sammitinin üç prinsipinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı əsasında tezliklə həll olunmasının əhəmiyyətini vurğulamışlar.
Bəyannamədə həmçinin parlamentlərarası əlaqələr, ikitərəfli əməkdaşlığın vacib tərkib hissəsi kimi qiymətləndirilmiş, hər iki dövlətin parlamentləri arasında əlaqələrin, o cümlədən Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığın fəallaşdırılmasının, parlament üzvlərinin qarşılıqlı səfərlərinin mütəmadi olaraq həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Bundan başqa, tərəflər Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu qeyd etmişlər. Bu məsələyə də komitəmizdə ətraflı baxılmış və yekdilliklə qəbul olunmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, çıxış etmək istəyirsinizsə, buyurun.
Ə. Məsimli. Təşəkkür edirəm. Azərbaycan və Latviya prezidentlərinin 2009-cu il 10 avqust tarixində imzaladıqları Birgə Bəyanatı müsbət qiymətləndirirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, burada birmənalı şəkildə Qarabağ məsələsinə münasibətdə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşmaqla, beynəlxalq hüquq normalarına hörmət etməklə problemin həlli qoyulur. Bu məsələ sentyabr ayının 17–18-də Vilnüsdə keçirilən beynəlxalq konfrans zamanı bizim tərəfimizdən qoyulub. Biz orada xahiş etmişik ki, Baltik Assambleyası Qarabağ məsələsinə məhz bu kontekstdən münasibət bildirsin. Baltik Assambleyasının Prezidenti Qarabağ məsələsi ilə bağlı öz mövqeyini ifadə edəndən sonra bu ilin noyabrında Baltik Assambleyasının növbəti sessiyası keçirilən zaman məhz Qarabağ məsələsinə münasibət bildirilməsi barədə fikir söyləyib.
Oktyabr ayında keçirilən tədbirlərin, monitorinqlərin nəticələrini bir daha yoxlamaqdan ötrü gələn nümayəndələrin içərisində çox güman ki, Baltik Assambleyasının Prezidenti də olacaq. O gələnə qədər belə bir layihənin hazırlanması və onun həmin layihə ilə tanış edilməsini vacib hesab edirəm. Baltik Assambleyası ilə GUAM Assambleyasının birgə sənədində də Azərbaycan tərəfinin təklifi ilə GUAM ərazisində olan münaqişələrin həllinin sürətləndirilməsində ərazi bütövlüyünün əsas götürülməsi məsələsinin bizim təklifimizlə qəbul ediləcəyinə görə irəliyə doğru addım atmaq olar. Bir təşkilat da Azərbaycanın bu ədalətli mövqeyini təsdiq etmiş olar. Əgər razılıq olsa, belə bir layihəni mən hazırlayıb Baltik Assambleyasının Prezidenti buraya gələnə, oktyabr ayına qədər Milli Məclisin müvafiq qurumlarına təqdim edə bilərəm. Həmin layihənin üzərində işlənə bilər. Baltik Assambleyasının Prezidenti onunla tanış olandan sonra artıq havadan, abstrakt yox, bizim mövqeyimizi ifadə edən konkret bir layihə vasitəsilə məsələyə noyabr ayında münasibət bildirmiş olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 16.31 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qeyd edilən sazişin əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət ölkəsində qarşılıqlı tərəfin sərmayə qoymasına lazımi şərait yaradır. Bu da hər iki dövlət arasında iqtisadi münasibətlərin inkişafına, həm də dövlətlərin iqtisadiyyatının güclənməsinə zəmin yaradır. Bu sazişin başqa bir əhəmiyyəti isə investisiyaların qarşılıqlı təşviqi və qorunmasına şərait yaradaraq işgüzar təşəbbüslərin yaranmasına təkan verməkdir. Bu saziş investisiyaların qarşılıqlı təşviqi və qorunması üçün hər iki dövlət arasında beynəlxalq standartlara öhdəlik qoyur. Sazişdə bunlar da öz əksini tapmışdır. Millət vəkillərindən xahiş edərdim ki, Azərbaycan–Suriya münasibətlərinin gələcək perspektivlərini nəzərə alaraq bu sənədə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.33 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qeyd edilən sazişin əsas əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət qarşılıqlı informasiya mübadiləsi edir. Gömrük qanunvericiliyinin qarşısının alınması, təhqiq edilməsi və ona qarşı mübarizə aparılması məqsədi ilə hər iki tərəf bir-birlərini zəruri məlumatlarla, xüsusilə də hər iki ölkənin milli maraqlarına cavab verən məlumatlarla təmin edir. Sazişin başqa bir məqsədi isə narkotik, psixotrop və ya onları əvəz edən maddələrin, silahların, hərbi sursatların, zəhərli qazların, partlayıcı və radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq, bununla əlaqədar şəxsləri müəyyən etmək, onlara qarşı lazımi tədbirlər görməkdir. Sazişdə həmçinin beynəlxalq standartlara cavab verən bir sıra maddələr də nəzərdə tutulmuşdur ki, bu barədə də millət vəkillərinin kifayət qədər məlumatı vardır. Millət vəkillərindən xahiş edərdim ki, bu sənədə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.35 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Aydın müəllim, buyurun.
A. Abbasov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Sazişin məqsədi diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan Azərbaycan Respublikası vətəndaşlarının və Suriya Ərəb Respublikası vətəndaşlarının digər razılığa gələn tərəflərin ölkəsinə daxil olmasını asanlaşdırmaqdır, yəni vizasız ölkə daxilinə gəlməkdir. Azərbaycan Respublikası bir çox dövlətlə bu növ sazişlər bağlamışdır. Bu da öz növbəsində müvafiq səviyyəli dövlət tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradır. Qanun layihəsi komitəmizdə müzakirə olunub və komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Xahiş edirəm, millət vəkilləri də öz fikirlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası və Polşa Respublikası prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Aydın müəllim, buyurun.
A. Abbasov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Polşa Respublikası Prezidenti cənab Lex Kaçinski tərəfindən 2009-cu il iyulun 2-də Bakı şəhərində imzalanmış Məşvərət Komitəsinin Nizamnaməsi təsdiq olunmaq üçün təqdim edilmişdir. Bu nizamnamənin məqsədi Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əlaqələrin daha da möhkəmləndirilməsi və iki ölkə arasında əlaqə və təmasların gücləndirilməsidir.
Nizamnamədə həmçinin Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanır. Yaradılacaq komitə bu nizamnamə əsasında fəaliyyət göstərərək iki bərabər hüquqlu hissədən ibarət olacaq: Azərbaycan Respublikası Prezidenti tərəfindən – Prezidentin səlahiyyətli nümayəndəsi və ən azı 3 nəfər üzv; Polşa Respublikası Prezidenti tərəfindən – Prezidentin səlahiyyətli nümayəndəsi və ən azı 3 nəfər üzv. Bu şəxslərin təyinatı müvafiq olaraq hər iki ölkənin milli qanunvericiliyinə uyğun həyata keçiriləcəkdir.
Komitənin vəzifələrinə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir və məlumat mübadiləsinin aparılması və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ilk növbədə enerji daşıyıcılarının təhlükəsizliyi, nəqli, habelə Mərkəzi və Şərqi Avropa regionunda və Cənubi Qafqazda təhlükəsizliyə yönəlmiş tədbirlərin müəyyən edilməsi istiqaməti ilə təhlil və təkliflərin hazırlanması daxildir. Bu məsələ də komitəmizdə çox ətraflı müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Hesab edirik ki, nizamnamənin təsdiq olunması ölkələrimiz arasında mövcud əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Aydın müəllim, buyurun.
A.Abbasov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyası 2001-ci il noyabrın 22-də Budapeşt şəhərində imzalanmışdır. Adı çəkilən Konvensiya təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir. Bu Konvensiyanın qəbul edilməsi Azərbaycan dövləti üçün çox vacibdir. Kompyüter və İnternet texnologiyalarının yüksək templərlə inkişaf etməsi ilə bərabər kompyuter cinayətlərinin sayı da, növləri də artmaqdadır. İnternet məkanında belə cinayətlərin qarşısını almaq üçün Avropa və dünya ölkələri ilə əlbir olmaq vacibdir. Bu məsələ komitəmizdə də ətraflı müzakirə olunmuşdur və komitənin üzvləri tərəfindən birmənalı olaraq qəbul edilmişdir. Xahiş edirəm, millət vəkilləri öz fikirlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.41 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Beynəlxalq Peyk Rabitəsi Təşkilatı ilə bağlı Sazişə dəyişikliyin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu Sazişin XII maddəsinin a bəndinə qısaca bir əlavə olunur. Ehtiyac varsa, mən onu oxuyum: “Əgər ümumi mülkiyyət hesab olunan tezlik ayırmalarından istifadə edən şirkət və ya hər hansı yeni qurum bu cür tezlik ayrılmasından imtina edərsə, həmin tezlik ayrılmasından bu Sazişdə nəzərdə tutulduğundan fərqli qaydada istifadə edərsə və ya iflas olduğunu bəyan edərsə, bildiriş göndərən administrasiyalar yalnız ümumi istifadələr xidmətlər sazişini imzalamış qurumlara bu cür tezlik ayrılmasından istifadə etmək hüququnu verməlidir ki, həmin qurumlar tərəfindən prinsiplərin yerinə yetirilməsini təmin edə bilsin”. Bu çox mürəkkəb bir cümlədir. Bu Sazişə dəyişiklik bundan ibarətdir. Millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.43 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yoxlama və metroloji attestasiya məqsədi ilə daşınan normativ sənədlərin, etalonların və ölçmə vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi haqqında” 1995-ci il 10 fevral tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu Sazişin 2-ci, 5-ci, 1.1-ci maddələrinə redaktə xarakterli dəyişikliklər edilib və yeni bir maddə əlavə olunur. Həmin maddə də 7-ci maddədir. Bu maddəni mən sizin nəzərinizə çatdırıram. “Hazırkı Saziş onun qüvvəyə minməsi üçün zəmin olan dövlətdaxili prosedurların dövlətlər tərəfindən yerinə yetirilməsi haqqında üçüncü bildirişin depozitariyaya qoyulması üçün verildiyi tarixdən qüvvəyə minir”. Millət vəkillərindən buna da müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya”ya Fakültativ Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, icazənizlə, mən məlumat verim. Bilirsiniz ki, biz bu Sazişə artıq qoşulmuşuq. Ona görə mən geniş danışmaq istəmirəm. Bu Sazişə Fakültativ Protokolun təsdiq edilməsindən söhbət gedir. Bu məsələ bizim komitədə geniş müzakirə olundu, bəyənildi. Mən də sizdən xahiş edirəm, bu Protokola səs verəsiniz. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ də bizim komitədə müzakirə olunub və yekdilliklə Milli Məclisin iclasına məsləhət görülüb. “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUÖAM-ın iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında” 2002-ci il 20 iyul tarixli Saziş”ə dair Protokolun təsdiq edilməsi barədədir. Biz bu sazişə qoşulmuşuq. Protokol da komitədə müzakirə edilib Milli Məclisin iclasında təsdiq olunmaq üçün məsləhət görüldü. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.47 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2  
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
”Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Rəbiyyət xanım Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılmış sənəd olduqca vacib bir məsələyə həsr olunmuşdur. Müasir dövrün ən vacib problemlərindən biri cəmiyyətdə insan hüquqlarının qorunması və şəxsə məxsus fərdi məlumatların müdafiəsidir. Şəxsi və ailə həyatının toxunulmazlığı elmi-texniki tərəqqinin inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövrlərdə aktual olub və aktual olmaqdadır. Təsadüfi deyil ki, 1948-ci ildə qəbul edilmiş İnsan hüquqları Bəyannaməsinin 12-ci maddəsində bu məsələ xüsusi vurğulanmışdır. Fərdi məlumatların müdafiəsi institutu bu gün elə bir kateqoriyaya çevrilmişdir ki, onu yalnız bir dövlətin milli qanunvericiliyi ilə müdafiə etmək qeyri-mümkündür. Müasir avtomatlaşdırılmış informasiya sisteminin əsas xüsusiyyətlərindən biri də onların fövqəlmilli və yaxud millətüstü sistemə çevrilərək mövcud sərhədləri dəf etmək qabiliyyətidir.
Bu gün hər bir ölkənin informasiya sistemləri dünya informasiya şəbəkəsinin tərkib hissəsinə çevrilərək dünyada vahid informasiya məkanından formalaşmağa imkan verir. Bu, bir tərəfdən informasiyanın cəmləşməsidir. Bunun müsbət tərəfləri olduğu kimi, kifayət qədər ziddiyyətli, çətin məsələləri də var. Prosesin özünün içərisində çox paradoksal məqamlar var.
Ötən əsrin ortalarında, təqribən 1960-cı illərdən başlayaraq dünyada digər bir mühit – elektron mühit (infrasfera) formalaşmağa başladı. Bu mühitin formalaşması, meydana çıxması ilə fərdi məlumatların toxunulmazlığına olan bir sıra potensial təhlükələrin reallaşması səviyyəsi yüksəlməyə başladı. Sözsüz ki, bu da nəticədə bütün ölkələrin birgə əməkdaşlığı nəticəsində həmin təhlükələrin qarşısının alınması ideyasını ortaya çıxardı. 1981-ci il yanvar ayının 28-də Avropa Şurası tərəfindən Konvensiya qəbul edildi. Düzdür, Konvensiya 1985-ci il oktyabrın 1-də qüvvəyə minib. Dörd il ərzində bu Konvensiyaya müxtəlif münasibətlər oldu. Konvensiyanın əsas məqsədi bu fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasıdır.
1981-ci ildə ayrı-ayrı mətnlərin, audio və yaxud video məlumatlarının qeydə alınması, yadda saxlanması, istifadə edilməsi və sair kimi məsələləri, onlara olacaq təhlükəni bir ölkədə deyil, beynəlxalq səviyyədə qorunmasını ortaya qoyan yeganə siyasi, hüquqi sənəddir. Bu gün də həmin sənədə təkcə Avropa Şurasına üzv olan dövlətlər qoşulmur, həm də Avropa Şurasına üzv olmayan dövlətlərin qoşulmaq imkanı da var. Hal-hazırda bu Konvensiyanı qırx ölkə imzalamışdır. Bizim də bu Konvensiyanı ratifikasiya etməyimiz, imzalamağımız kifayət qədər vacibdir.
Hörmətli həmkarlarım, sizin nəzərinizə bir məsələni də çatdırmaq istərdim. İnformasiyanın, yəni hər bir şəxsə aid fərdi məlumatların qorunması məsələsinin Azərbaycanın milli qanunvericiliyində öz həllini tapması üçün biz gələcəkdə qanun qəbul etməliyik. Məsələn, bir sıra ölkələr Konvensiyanı qəbul etdikdən sonra belə qanunlar qəbul etdilər. Görünür ki, həmin Konvensiyanı qəbul etdikdən sonra biz də bu məsələyə yenidən baxmalı olacağıq.
Digər bir məsələ bu Konvensiyanın özünün mahiyyətindən irəli gələn məsələdir. Bir tərəfdən şəxsi həyatın toxunulmazlığı prinsipləri, digər tərəfdən informasiya almaq hüququnun gerçəkləşməsi arasında balansın təmin edilməsi lazımdır. Konvensiyanın müddəaları həmin balansı təmin etmək iqtidarındadır. Bu Konvensiyanı ratifikasiya edən bir sıra dövlətlər sonradan həmin informasiyaların qorunması, ötürülməsi və ötürülmə prosesi üzərində nəzarəti gerçəkləşdirmək üçün xüsusi qurumlar yaradıblar. Vaxtilə biz informasiya almaq hüquqi ilə əlaqədar qanun qəbul edərkən informasiya komissarı, informasiya üzrə ombudsman və sair kimi bir qurumun yaranmasını təklif etmişdik.
Mən sizin diqqətinizə çatdırım ki, Böyük Britaniyada hal-hazırda informasiya komissarı, telekommunikasiya ombudsmanı var. İsveçrədə isə məlumatların qorunması üzrə federal komissar, məlumatların müfəttişliyi şurası var və sair. Mən bu Konvensiyanı qəbul edən 40 ölkəni sadalamaq istəməzdim. Ancaq, doğrudan da, informasiyanın bir ölkədən digərinə ötürülməsi və yaxud böyük bir məkanda informasiya mübadiləsi olduqca mürəkkəb bir məsələdir.
Sonradan, 2001-ci ildə bu Konvensiya ilə bağlı əlavə protokollar qəbul edilir. Protokollarda olan əsas müddəa bundan ibarətdir ki, həmin informasiyanın qorunmasını təmin edə bilməyən dövlət, sözsüz ki, bu Konvensiyanın öhdəliklərini yerinə yetirmir. Azərbaycan hələ həmin protokola qoşulmayıb. Onu da qeyd edim ki, biz bu Konvensiyaya beş əsas bəyanatla qoşuluruq. Bununla da böyük vahid informasiya şəbəkəsi məkanında biz özümüzə aid məlumatların çox incə bir şəkildə ötürülməsini təmin edəcəyik. Məsələ ondadır ki, hər bir informasiya böyük məkana ötürülmür. Dövlətlərin arasındakı razılaşma əsasında yalnız və yalnız müəyyən məlumatlar bir ölkədən digər ölkəyə transsərhəd, müqabillər əsasında ötürüləcək.
Mənə elə gəlir ki, artıq elə bir inkişaf səviyyəsinə gəlib çatmışıq ki, informasiyaların qorunması, informasiyalardan düzgün istifadə olunması milli təhlükəsizlik məsələsidir. Bu baxımdan biz Konvensiyanın müddəalarına kifayət qədər diqqətlə yanaşmalıyıq. Gələcəkdə qəbul ediləcək və imzalanacaq protokola da diqqətlə baxmalıyıq. Ancaq nə etmək olar? İstəsək də, istəməsək də, böyük şəbəkənin tərkib hissəsinə çevrilirik. Bu baxımdan hörmətli millət vəkillərinin Konvensiyaya münasibətlərini bildirməyə çağırıram. İnanıram ki, biz bu Konvensiyanı imzalayan qırx birinci ölkə olacağıq. Yəni bu Konvensiyanı imzalamış qırx ölkədən sonra qırx birinci ölkə olacağıq, ancaq ötürülən informasiyaların dəqiqliyinə, səhihliyinə və qorunmasına nəzarət etmək şərti ilə. Çox sağ olun.
Sədrlik edən. Rəbiyyət xanım, nə deyirziniz? Bir az nəsə ümidsiz təqdim elədiniz. İndi səsə qoyaq, qoymayaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qoyaq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Birgə film istehsalı haqqında” Sazişin təsdiq edilməsi barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verir. Nizami müəllim, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Demək, keçən il Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının iclasında “Birgə film istehsalı haqqında” Saziş imzalanıbdır. Doğrudur, bu Saziş yarımçıq imzalanıb, yəni Azərbaycan, Ermənistan, Belarus və Moldova Sazişi qeyd-şərtlə imzalayıblar. Amma yerdə qalan ölkələr: Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ukrayna Sazişi imzalamayıblar. Amma Saziş açıqdır.
Sazişin mahiyyəti nədir? Bilirsiniz ki, sovetlər birliyi dövründə, ayrı-ayrı milli respublikalarda kinematoqrafiya inkişaf edibdir. Birgə filmlərin çəkilməsi həmişə çox ciddi bir məsələ olub. Film, xüsusilə də bədii film çox böyük maliyyə vəsaiti ilə bağlıdır. Belə filmlərin hazırlanması, istehsalı, hətta istifadəsi çox böyük maliyyə vəsaiti tələb edir. Çox geniş peşəkarlar ordusu tələb edən bir sahədir. Ona görə də istər-istəməz bu sahədə qüvvələri, həm maddi, maliyyə qüvvələrini, həm də sənətkarlıq qüvvələrini birləşdirmək lazım gəlir.
Biz bunu da yaxşı bilirik ki, bədii ədəbiyyata, sənətin digər sahələrinə nisbətən film, xüsusilə də bədii film, eləcə də son zamanlar elmi-publisistik filmlər dünyada çox populyardır və sərhədləri çox asanlıqla aşır. Ona görə də həmişə bu sahəyə xüsusi diqqət tələb olunur. “Birgə film istehsalı haqqında” Sazişin ən mühüm məsələlərindən biri birgə istehsal filmlərinə “milli film” statusunun verilməsi ilə bağlıdır. Burada da, əlbəttə, müəyyən mürəkkəbliklər var. Adətən, nəzərdə tutulur ki, MDB tərkibində olan iki dövlətin mütəxəssislərinin iştirakı ilə filmlər çəkilsin. Yəni daha çox geniş yayılan budur, kütləvi olan budur. Amma belə deyək, üçüncü bir ölkənin də iştirakı mümkündür. Bu mənada Sazişdə birgə film istehsalının əsas aparıcı qüvvəsi kimi prodüser anlayışı daxil edilibdir.
Birgə film nədir? Birgə film iki və yaxud çox tərəfin mütəxəssislərinin iştirakı ilə çəkilir. Amma burada tək mütəxəssis məsələsi deyil. Aparıcı yerdə prodüser olduğuna və birgə filmlərin yaranmasının bütün hüquqi işlərini prodüserlər gördüklərinə görə, əsas diqqət maliyyə məsələləri üzərində qurulur. Yəni birgə film çəkilərkən tərəflərdən hər biri 10 faizdən az və 70 faizdən çox olmayaraq maliyyə vəsaiti qoya bilər. Təbiidir ki, hansı tərəf maliyyə vəsaitini daha çox qoyursa, kinonun istehsalı ilə əlaqədar məsələlərdə onun nüfuzu, hüququ daha çox olur. Eyni zamanda, bu, bir sıra məsələlərdə o paritetliyi saxlamağa mane olmur. Yəni hər bir tərəf bu filmlərdən istifadə edilməsində müstəqildir, sərbəstdir. Eyni dərəcədə istifadə edə bilər. Hər bir tərəfin birgə istehsal edilmiş filmin öz dilində nüsxəsinə malik olmaq hüququ vardır. Eyni zamanda, film hər iki tərəfin ərazisində və prodüserlərin razılığı ilə üçüncü bir tərəfin ərazisində və yaxud geniş bir ərazidə çəkilə bilər.
Bu şəkildə geniş, ətraflı, konkret təhlillərlə bədii filmlərin birgə çəkilməsi və bir tərəf üçün milli film hesab olunması prinsipləri müəyyənləşdirilir. Amma bununla yanaşı, birgə çəkilmiş filmlər o zaman milli film statusu qazanır ki, həmin ölkənin kinematoqrafiya haqqında qanunvericiliyinə uyğun bir şəkildə qəbul edilsin. Prodüserlərin fəaliyyəti burada üç sahə üzrə sistemləşdirilir. Yəni filmin çəkilişi və yaradılması və istehsalı ilə bağlı məsələlər: filmin maliyyələşdirilməsi, çəkilməsi, sonradan istehlakı, yəni ondan istifadə prosedurları bir qayda olaraq prodüserlər vasitəsilə həyata keçirilir.
Burada bir mühüm məsələ də var. Birgə filmin istehsalının maliyyələşdirilməsini də buraya daxil etsək, filmin istehlakı ilə bağlı ortaya çıxan hər hansı konkret məsələ barədə Saziş bağlamış tərəflərin səlahiyyətli orqanları öz fikirlərini söyləyə bilərlər. Gələcəkdə birgə istehsal üçün istənilən MDB ölkəsinin qanunvericiliyində olan maneələr mümkün qədər aradan qaldırılmalıdır. Bizim bu Sazişə qoşulmağımız ümumi mədəni bir məsələdir. Bizim MDB ölkələri ilə çox sıx əlaqələrimiz həmişə olubdur. Bir məsələni də mən xüsusi olaraq qeyd etmək istərdim. Azərbaycanda kino sənətinə artıq son illərdə xeyli maliyyə vəsaiti ayrılır və yaxşı filmlər də çəkilir. Amma bununla yanaşı, hələ də o filmlərin çəkilişində, əsasən, öz ssenaristlərimiz və aktyorlarımız iştirak edirlər. Amma bununla yanaşı, əlbəttə, nə qədər böyük sənətkarlarımız olsa da, xaricdən aktyorlar dəvət ediliblər və bu gün də dəvət edilirlər, gələcəkdə də dəvət ediləcəklər. Bunun özü bir əməkdaşlıq tələb edir. Kino texnologiyası bizdə hələ yeni inkişafa başlayıbdır. Bir sıra məsələlər var, bizim filmlərin səsləndirilməsi, kinolentlərin işlənməsi, ondan sonra bir sıra digər texniki məsələlər, adətən, MDB ölkələrində, məsələn, daha çox Moskvada və ya Minskdə həyata keçirilir. Hətta bəzən İrana da göndərilir. İstər-istəməz bu əməkdaşlıq üçün zəruri və qaçılmaz olan əsas var. Əsas var ki, bu əməkdaşlıq inkişaf etdirilsin. Mən çox istərdim ki, bu Sazişə səs verək.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 17.03 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verəcək. Valeh müəllim, buyurun.
V. Ələsgərov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 24 iyun tarixli 1/265 saylı məktubu ilə Milli Məclisə müzakirə və təsdiq edilmək üçün “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim edilmişdir.
Qanun layihəsi bizim Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Əminəm ki, deputat həmkarlarım qanun layihəsi ilə tanış olublar. Məncə, təqdim edilmiş əlavələr və dəyişikliklər həmkarlarım tərəfindən birmənalı dəstəklənəcək. Əlavələr və dəyişikliklər son illərdə enerji, qaz və su təchizatçıları ilə istehlakçılar arasında yaranan problemlərin həllinə yönəlmişdir. Misal üçün, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə və s. Bu hallar bir-bir xırdalana-xırdalana izah olunur.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Yadınızdadırsa, elə hallar olurdu ki, bir binada bir neçə istehlakçı enerjinin dəyərini ödəməyəndə bütün binanın işığını söndürürdülər. Bu əlavə və dəyişikliklərin əsasında belə hallara yol verilməz və bu, fərdi qaydada həyata keçiriləcəkdir. Yəni ancaq hesabı ödəməyən istehlakçının elektrik enerjisi kəsiləcəkdir. Xüsusi qeyd edilir ki, belə hallar elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçının hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Elektrik enerjisinin dəyəri yalnız sayğacın göstəriciləri əsasında tam hesablanmalı, hər ay istehlakçıya məlumat, hesab təqdim edilməlidir, yaxud göndərilməlidir. Əgər enerji təchizatı müəssisəsinin səhvinə, hər hansı bir qüsuruna görə bu hesab səhv yazılıbsa, təqdim edilibsə, bunun əsasında da istehlakçı həmin hesabı ödəyibsə, enerji təchizatı müəssisəsi yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçılar üçün sayğacların təchiz edilməsi, quraşdırılması və onların dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Birmənalı yazılıb və birmənalı da tətbiq edilməlidir.
Eyni şəkildə həmin tələblər, həmin dəyişikliklər və əlavələr “Qaz təchizatı haqqında” Qanuna da təklif edilir. Eyni dəyişikliklər və əlavələr su təchizatı və tullantı suları ilə əlaqəli olan münasibətləri də tənzimləyir. Mənim fikrimcə, bu əlavələr və dəyişikliklər enerji, su və qaz təchizatçısı olan müəssisələrlə istehlakçı olan fiziki və hüquqi şəxslər arasında münasibətləri sivil şəkildə yüksək səviyyədə tənzimləməyə gətirib çıxaracaq və demək olar ki, bundan öncə yaşanan problemlərin əksəriyyətini həll etməyə imkan yaradacaqdır. Əminəm ki, bu əlavələri və dəyişiklikləri dəstəkləyəcək və səs verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Çıxış eləmək istəyənlər var. Onda müzakirəyə başlayırıq. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bunlar çox mühüm dəyişikliklərdir, əlavələrdir. Amma mən hesab edirəm ki, biz bunu qəbul eləməyə bir az tələsirik. Çünki artıq ölkədə bütün işıq, qaz və su sayğaclarının quraşdırılması vətəndaşların hesabına müxtəlif qiymətlərə həll olunubdur. Bir az qalır, onlar da bitəndən sonra, məncə, bu qanunu qəbul eləsək yerinə düşərdi. Çünki qeyri-rəsmi şəkildə bütün sayğacların pulu vətəndaşın cibindən çıxıbdır. Çox acınacaqlı bir haldır. Ola bilsin ki, kimlərsə inkar eləsin. Amma hamı bilir ki, reallıq budur və özümüz də bu prosesin içində olduğumuza görə deyirəm. Bu əvvəldən qəbul olunmalı bir dəyişiklikdir. Vətəndaşa bildirilməli idi ki, artıq elektrik sayğacının pulunu bu prosesi hansı şirkət, hansı müəssisə başlayıbsa, o da ödəməlidir.
Ona görə də mən hesab edirəm ki, gecikmiş də olsa, qalan vətəndaşların hüquqları pozulmasın deyə, sayğacların təchiz edilməsinin və ya dəyişdirilməsinin müəssisənin hesabına həyata keçirilməsi ilə bağlı müddəa televiziya və mətbuat vasitəsi ilə verilməlidir. Küçələrdən plakat kimi asılmalıdır ki, bu ağır yaşayış şərtləri altında vətəndaş bu yükün altına girməsin. Yəqin ki, qaz üçün sayğac dəyişdiriləcəkdir. Bunun üçün “Yeganə” şadlıq evinin yanına getməlisən, kart almalısan, kiminsə mobil telefonuna zəng vurmalısan. Belə biabırçılıq olmaz. Əgər vətəndaşa xidmət göstərirsənsə, xidmətdən pul almalısan, onun üçün də şərait yaratmalısan. Hesab edirəm ki, bu cür əlavə və dəyişikliklər müsbət haldır. Mən sevinirəm. Amma çox gecikmiş bir vəziyyəti ifadə edir.
Mənim bir neçə təklifim var. Burada qiymətlərin ödənilməsi ilə bağlı bildirilir: “bir ay müddətində tam ödənilmədikdə”. Bu bildirişin verilməsi çox müəmmalı bir məsələdir. Məsələn, vətəndaş ezamiyyətdə ola bilər, məzuniyyətdə ola bilər və sayğacına baxmaya bilər. Vətəndaşın özünün ödəmə mexanizmi təkmilləşdirilməlidir. Bildirişi çox vaxt gətirib atırlar həyətə, yaxud da elektrik sayğacının üstünə. Sabah külək apara bilər, itə bilər. Vətəndaşın o qədər problemi var. Ödəmədisə, ciddi bir problem yaşanır. Ona görə də burada icra orqanı tərəfindən müəyyən bir tarix dəqiqləşdirilməlidir. Vətəndaşın ödəmə imkanları genişləndirilməlidir.
İkincisi, praktikada çox olur ki, üç abunəçi su pulunu ödəməyəndə bütövlükdə bir binanın suyunu kəsirlər. Üçü ödəməyibsə, deməli, hamının gözünü vurub çıxarmalıdırlar. İndi bu qaydada verilir ki, müvafiq tədbirlərin görülməsi başqasının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məncə, orada yazılmalıdır ki, başqalarının hüquqlarının pozulması qadağandır. Birmənalı şəkildə həmın müəssisə və ya bu prosesi aparan məmur bilməlidir ki, pul ödəməyibsə, birinin suyunu kəsirsənsə, işığını kəsirsənsə, qazını kəsirsənsə, başqasına bunu tətbiq etmək qadağandır. İnsan pulunu ödəyirsə, buna müəyyən dərəcədə hamı sayğı ilə yanaşmalıdır.
Digər tərəfdən burada sayğaclardakı göstəricilərin səhv hesablanması qeyd olunur. Bu çox vaxt bilərəkdən edilmiş səhvlərdir və vətəndaş pulu ödəyəndən sonra həmin səhvlərin hər hansı bir şəkildə düzəldilməsi mexanizmi yoxdur. Belə çıxır ki, bildirişdə səhvə yol verilibdir. Vətəndaş bunun ardınca düşmür. Altı aydan sonra vətəndaş müəyyən edir ki, ondan artıq vəsait alıblar. Onda vətəndaş nə etməlidir? Məhkəmələrdə sürünməlidir? Məncə, səhv məsələsinə görə ciddi məsuliyyət qoyulmalıdır. Burada necə səhvə yol verilə bilər? Bilərəkdən həmin sayğaclarda saxtalaşdırmalar həyata keçirilir və əlavə qiymətlər göstərilir. Bu da olduqca təhlükəlidir.
Bir müddəaya da diqqət yetirməyinizi istəyirəm. Suyun verilməsi ilə bağlı məsələdə də göstərilir ki, vətəndaş sudan səmərəli istifadə etmədikdə suyun verilməsi dayandırıla bilər. Sən sayğac qoymusansa, artıq sənə nə dəxli var, mən səmərəli istifadə edirəm, ya səmərəsiz. Artıq istifadə edəcəyəmsə, pulunu verəcəyəm. Yəni bu kimi müddəaların bir qədər sui-istifadəyə yol açdığı bəllidir. Mənə elə gəlir ki, bu cür məsələlərdə vətəndaşın xeyrinə olan müddəaları önə çəkmək lazımdır. Çünki indiyə qədər bu məsələdə problemin çətinliyini daha çox vətəndaş yaşayıb.
İkinci, ən mühüm məsələ. Valeh müəllim, burada qeyd olunur ki, istənilən vaxt müəyyən qaydaları pozduqda vətəndaşın elektrik təchizatı, su təchizatı dayandırıla bilər. Bəs keyfiyyətli xidmət olmadıqda necə? Vətəndaş sübut eləyir ki, işığın keyfiyyəti, verilən elektrikin keyfiyyəti aşağıdır. Yaxud qazı açırsan, deyək ki, yarım saat hava gəlir, sonradan qaz gəlməyə başlayır. Bunların keyfiyyət məsələsini vətəndaş sübut elədikdə necə? Qanunda vətəndaşın bu hüququnu realizə eləmək üçün hansısa bir şans varmı? Mənə elə gəlir ki, buna da diqqət eləmək lazımdır.
Xüsusi bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Təmir-profilaktika və qəza işləri görülməsi ilə bağlı, məncə, ayrı bir müddəa salınmalıdır. Cari təmir və profilaktika işləri görüldükdə vətəndaşa iki gün öncədən xəbərdarlıq edilməlidir. İstənilən müəssisə, istənilən elektrik təchizatçısı hər hansı bir şəkildə vətəndaşla müqavilə bağlayanda bunları nəzərə almalıdır. Digər tərəfdən necə sübut eləyəsən ki, iki gün, üç gün, beş gün? Elə adam var ki, mənzilinə elektrik verilmir, qazı kəsilir, suyu kəsilir, amma bunu sübut edə bilmir. Ona görə də, məncə, qanunda biz əlavə və dəyişikliklər ediriksə, boşluqlar saxlamamalıyıq. Həmin boşluqlar bütün hallarda vətəndaşın ziyanına işləyir. Ona görə bu məsələlərə diqqət ayırmağınızı xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm, lazımlı qanun layihəsidir. Xüsusilə “Elektroenergetika haqqında” Qanuna edilən əlavənin dördüncü bəndini, hissəsini təqdir edirəm. Çünki əvvəllər rayonlarda işıqların söndürülməsinə sayğac bəhanəsi gətirilirdisə, son zamanlar işıq pulu verməyən 5-10 faiz abonentə görə rayonların kütləvi şəkildə qaranlıqda saxlanılması praktikasından istifadə edilir. Hesab edirəm ki, bu layihənin qəbul olunması bu bəhanə ilə rayonların qaranlıqda saxlanmasının qarşısını alacaqdır.
Layihəyə üç təklifim var. İstəyirəm, onları sizin nəzərinizə çatdırım. Əvvəla, hesab edirəm ki, “Qaz təchizatı haqqında” Qanuna edilən əlavələrdə mənzillərə qaz xəttinin çəkilişi ilə bağlı xərclərin də aradan qaldırılması nəzərə alınmalıdır. Təsəvvürünüzə gətirin ki, təkcə layihə-smeta sənədləri üçün mənzil sahibləri qaz idarəsinə 57 manat 81 qəpik pul köçürməlidirlər. Hətta “Azəriqaz” QSC-nın Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin müəyyən etdiyi normativ qaydalara görə qazın götürüldüyü xətlə mənzil arasındakı məsafə 10 metrdən artıq olarsa, 57 manat 81 qəpikdən əlavə də pul köçürülməlidir. Diqqət edin, hazırlanan bu layihə-smeta sənədlərinin qeydiyyata alınması üçün mənzil sahibi əlavə 5 manat ödəməlidir. Çəkilən borunun hər metri üçün isə 1 manat 43 qəpik pul köçürülməlidir. Bütün sadaladıqlarım ancaq xətti çəkmək üçün sərf olunan vəsaitdir. Buraya qaz borularına və digər materiallara da sərf olunan xərcləri əlavə etsək, mənzillərə qaz çəkilişinin neçəyə başa gəldiyini təsəvvür etmək mümkündür.
Hesab edirəm ki, təkcə sayğacların təchizatı, quraşdırılması və dəyişdirilməsi deyil, əslində, xətlərin çəkilməsi də təchizatçı müəssisənin hesabına həyata keçirilməli, istehlakçı ancaq aldığı qazın pulunu ödəməlidir. Fikrimcə, bu layihədə istehlakçıya münasibətdə təchizatçının hüquqları daha çox müdafiə olunur. Ancaq təcrübə göstərir ki, istər elektrik enerjisi, istərsə də qazla təminatda istehlakçı daha çox hüquq pozuntusu ilə qarşılaşır. Hesab edirəm ki, xətlərdəki qanunsuz açılmaların yaratdığı psixoloji sarsıntılara görə tez-tez tətbiq edilən bu məhdudiyyətlərin, həmçinin elektrik enerjisinin, təbii qazın tərkibi ilə bağlı normativ pozuntuların insanların sağlamlığından tutmuş mənzillərdəki məişət əşyalarına qədər vurduğu ziyana görə təchizatçının məsuliyyət məsələsi hər üç qanun layihəsində əksini tapmalıdır.
Əgər bu qanunların icrası ilə əlaqədar təchizatçının öz vəzifəsini yerinə yetirməsinə istehlakçının mane olması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olursa, həmçinin qazın, suyun və işığın dəyərinin bir ay müddətinə ödənilməməsi təchizatın kəsilməsi ilə nəticələnirsə, o halda nədən təchizatçı tərəfindən normativlərin pozulması məsuliyyətə səbəb olmamalıdır? Ona görə təklif edirəm ki, hər üç layihəyə “normativlər pozulduqda istehlakçı qarşısında təchizatçı məsuliyyət daşıyır” sözləri əlavə edilsin.
Hörmətli sədarət, hörmətli deputatlar, çıxışımın sonunda seçicilərin xahişi ilə bir məsələyə toxunmaq istəyirəm. Bu problem rayonlarda mövcuddur və elektrik sayğacları ilə bağlıdır. “Elektroenergetika haqqında” Qanuna bu gün müzakirə etdiyimiz dəyişikliklərə görə elektrik sayğaclarının təchizatı, quraşdırılması və dəyişdirilməsi təchizatçının üzərinə qoyulur. Əslində, bu qayda elektrik sayğacları üçün indiyə qədər mövcud olmuşdur. İlk baxışda sadə görünən, ancaq, əslində, çox ciddi olan bir problem iki ildir ki, abonentləri narahat etməkdədir.
Rayon yerlərində sayğaclar həyətlərdə deyil, küçə boyu barıların divarlarında yerləşdirilsə də, çox qəribədir ki, bağlanmış müqaviləyə görə sayğacların qorunmasına görə istehlakçı məsuliyyət daşıyır. Daha dəqiq desək, gecə darvazasını bağlayaraq evində yatan istehlakçı küçədə nəzarətsiz qalan sayğacın hər hansı bir təsadüf və ya qərəzli münasibət nəticəsində zədələnməsi ilə əlaqədar külli miqdarda cərimələr ödəmək məcburiyyəti ilə üz-üzə qoyulur.
Onu da deyim ki, təchizatçı bu sayğacların küçələrdə yerləşdirilməsinə və qorunmasına görə məsuliyyətin də istehlakçının üzərinə qoyulmasında maraqlıdır. Çünki gecələr nəzarətsiz qalan sayğacların müntəzəm olaraq öz adamları tərəfindən sındırılması, səhərlər isə bu zədələnmələrə görə istehlakçıların cərimələnməsi artıq təchizatçı üçün yaxşı gəlir gətirən bir biznes sahəsinə çevrilmişdir. Məhz bu məqsədlə təxminən 8-9 ay əvvəl təmsil etdiyim rayonda təkcə bir küçədə sayğacların zədələnməsinə görə 26 nəfər istehlakçının hər birinə 235 manat, 280 manat məbləğində cərimələr qoyulmuşdur. Küçədə yerləşdirilən sayğacların qorunmasına görə məsuliyyətin istehlakçının üzərinə qoyulması qaydasından belə çıxır ki, insanlar gecə mənzillərində yatmamalı, küçələrdə çadır qurub sayğacları qorumalıdırlar. Hesab edirəm ki, bu anormallıqdır. Bu anormallıq aradan qaldırılmalıdır. Əgər sayğacların qorunmasının məsuliyyəti istehlakçının üzərində qalırsa, sayğaclar küçədə deyil, həyətlərdə quraşdırılmalıdır. Əks təqdirdə sayğacların qorunmasının məsuliyyəti təchizatçı müəssisənin üzərinə qoyulmalıdır. Xahiş edirəm, mənim bu təklifimi də nəzərə alasınız.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Sözügedən qanunlara əlavə və dəyişikliklərlə əlaqədar bir neçə kəlmə demək, təkliflərimi vermək istərdim. Bu qanunlara edilən dəyişikliklər, əsasən, ağlabatandır. Onlar enerji, qaz və su təchizatı müəssisələri ilə istehlakçılar arasındakı münasibətləri qanuni məcraya salır. Lakin fikir verin, həmin əlavə və dəyişikliklərin böyük əksəriyyəti qadağanedici xarakter daşıyır, istehlakçının üzərinə müxtəlif öhdəliklər qoyur. Yəni təchizat müəssisələri ilə müqavilə bağlamaq, vaxtında hesabları ödəmək və sair. Lakin paylayıcı müəssisələr, demək olar ki, öhdəsinə heç bir məsuliyyət götürmür. Burada bu barədə də danışılıb. İstehlakçı bu üç inhisarçı qarşısında tam hüquqsuzdur. Hər il qazın, enerjinin düzgün verilməməsi ucbatından yüzlərlə ev, mənzil yanır, insanlar həlak olurlar. Lakin hər bir halda müqəssir istehlakçıdır. İnsanlara dəyən maddi və mənəvi ziyanı isə heç kim ödəmir.
Öz təcrübəmdən bir misal deyim. Mustafa Sübhi küçəsində yerləşən ata evimdə indi də elektrik enerjisinin gərginliyi axşamüstü cəmi 150-160 volt olur. Lakin gecələr bu göstərici hərdən 250, 270, bəzən də 280 volta qalxır. Bu da televizorun, soyuducunun və başqa cihazların xarab olmasına gətirib çıxarır. Bir dəfə isə enerjinin yüksək gərginliklə verilməsi ilə əlaqədar evimizdə az qala yanğın baş vermişdi. Belə faktları yüzlərlə gətirə bilərik. Misal üçün, Bakı əhalisinin az qala yarısı suyu günlərlə, bəzən həftələrlə görmür, lakin su pulunu vaxtında və tam həcmdə ödəməlidir. Sayğac isə əksər evlərdə yoxdur. Heç kimə sübut edə bilmirsən ki, burada hər iki tərəf eyni məsuliyyəti daşıyır. Heyf ki, biz hələ də köhnə sovet prinsipi ilə yaşayırıq. Belə çıxır ki, istehlakçı günahkardır.
Hesab edirəm ki, bu qanunlara mütləq istehlakçının hüquqlarını qoruyan maddələr salınmalıdır. Düzdür, orada gözəl maddələr var, mütərəqqi müddəalardır. Amma fikir verin, yazılır ki, elektrik enerjisinin, ya da qazın verilməsi təmir-profilaktika və qəza işləri görüldükdə dayandırıla bilər. Bir cümlə də biz artırsaq nə olar? Mən bu cümləni belə fikirləşirəm: “belə olan halda istehlakçılar 2-3 gün qabaqcadan mətbuat vasitəsilə, MİS vasitəsilə, ya da fərdi qaydada bu barədə məlumatlandırılır”. Əgər istehlakçı vaxtında məlumatlandırılmırsa, qaz, enerji, su təchizatı ondan xəbərsiz dayandırılırsa, onda xoşagəlməz hadisəyə görə istehlakçı yox, məhz paylayıcı məsuliyyət daşıyır. Onda hər şey yerində olacaq.
Bu ifadəyə bir əlavə də eləməliyik. Öz təcrübəmdə görmüşəm ki, qazı xəbərsiz dayandırır, 3-4 saatdan sonra qəflətən yenidən verirlər. Axı, belə məsuliyyətsizlik faciələrə gətirib çıxara bilər. Ona görə də xəbərdarlıq məsələsini biz mütləq qanun layihəsinə əlavə eləməliyik.
21-ci maddəyə edilən dəyişiklikdə söhbət ödəmə və cərimələrdən gedir, paylayıcının üzərinə müəyyən öhdəliklər qoyulur. Yəni qaz qurğuları, ya da qazın verilməsi qaydaları tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti tədbir görməlidir. Həmin tədbirləri isə paylayıcının hesabına təmin etməlidir. Lakin təklif olunan variantda bu ifadələr yumşaldılır. Yəni paylayıcının hesabına ödəmə məsələsi mətndən çıxarılır. Biz millət vəkilləri olaraq istehlakçını düşünməliyik.
5-ci maddədə yazılır ki, su təchizatı müəssisələri əhalini keyfiyyətli və lazımi miqdarda su ilə təmin etməlidir. Burada oturan millət vəkillərindən soruşmaq istəyirəm, hansınız krandan gələn sudan istifadə edirsiniz? Hansınız onu uşaqlarınıza verirsiniz? Bilirəm ki, bir çox evlərdə təmizləyici qurğu qoyulub. Krandan gələn su azı 3-4 dəfə təmizlənir, sonra qaynadılır. Belə olan halda hansı keyfiyyətdən danışmaq olar? Keyfiyyətsiz suyun verilməsi müqabilində su təchizatı müəssisələri nəyə görə məsuliyyət daşımır? Çünki bu cür qanunlarda onların məsuliyyət məsələsi konkret və birmənalı təyin edilməyib. 5-ci bəndə edilən təklifdə paylayıcı ilə istehlakçı arasında bağlanan alğı-satqı müqaviləsindən söhbət gedir. Yazılır ki, sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B. Muradova sədrlik edir

5-ci bəndə edilən təklifdə paylayıcı ilə istehlakçı arasında bağlanan alğı-satqı müqaviləsindən söhbət gedir. Yazılır: “sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Yəni istehlakçı müqavilənin hazırlanmasında iştirak etmir. Bu çox vacib məsələdir.
Mən belə müqavilələri çox oxumuşam. Hətta Hüseyn Arabul “Bakıelektrikşəbəkə”yə rəhbərlik edəndə müqaviləyə imza atmaqdan imtina etdim. O dedi ki, xanım, Siz düzgün edirsiniz. Çünki bizim istehlakçının hüquqları orada əks olunmurdu. Ona görə də alğı-satqı müqaviləsində hər iki tərəfin iştirakı göstərilməlidir. Əgər istehlakçı istəsə, üstəlik onun istəyi məntiqlidirsə, müqavilədə müəyyən dəyişikliklər edilə bilər. Belə ki, biz alğı-satqı müqaviləsi bağlayanda onu hər iki tərəf hazırlayır. Müqavilə istehlakçıdan xəbərsiz yazılanda onun maraqları nəzərə alınmır. Sonra idarənin işçiləri bizi məcbur edirlər ki, bu müqavilələrə qol çəkək. Əks təqdirdə enerjini kəsməklə hədələyirlər. Ona görə də çox xahiş edirəm, mənim qeydlərimi nəzərə alıb, müvafiq əlavələri edəsiniz və bu əlavələrdə istehlakçının hüquqlarını daha qabarıq şəkildə göstərəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Burada söhbət dəyişikliklərdən gedir. Yəqin ki, istehlakçının hüquqları ilə bağlı qanunun digər maddələrindəki müvafiq məsələlər haqqında Valeh müəllim məlumat verəcək. Çıxış üçün söz Pənah Hüseynə verilir. Buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm. Sözün açığı, bu qanun layihəsinin əlavə və dəyişikliklər şəklində gəlməsi bir qədər gözlənilməz oldu. Çünki ölkədə bu sahədə olduqca gərgin bir vəziyyət yaranıbdır. Ümid etmək istəyirik ki, bu əlavə və dəyişikliklər həmin gərginliyi müəyyən qədər aradan götürəcəkdir. Ona görə də çox istəyərdim ki, hörmətli Valeh müəllim çıxışlardan sonra bəzi suallara da aydınlıq gətirsin. Çünki bu əlavə və dəyişikliklər imzalanıb qanun halını aldıqdan sonra abonentə qarşı, – söhbət, əsasən, əhali abonentindən gedir, – təxminən 10-15 il bundan əvvələ aid olan guya debitor borcları məsələsi artıq gündəmdən çıxacaqdır. Artıq bu qanun qüvvəyə mindikdən sonra yalnız sayğaclar vasitəsilə olan məsələ barədə iddia ortalığa qoyula bilər. Belədirsə, həqiqətən, bu çox ciddi bir hadisədir və əhalinin, vətəndaşların xeyrinə olan hadisədir.
Hörmətli deputatlar, yəqin, Siz də bilirsiniz, hətta bizim özümüzə də bəzən qəribə məlumatlar gəlir. 1997-ci ildə mənim özümə də qəbz gəlmişdi ki, guya 36 manat borcluyam. Amma mən 1997-ci ildə, ümumiyyətlə, həmin evdə yaşamırdım. Belə hallar hazırda bizim yaşadığımız binada geniş yayılıb. Eyni zamanda, rayonlarda da əhali abonentinin hüquqları pozulur. Hətta bir neçə siyasi partiya ilə birlikdə bu yaxınlarda əhalinin, istehlakçıların tələblərinin müdafiəsi ilə bağlı piket keçirmək istəyirik.
Bir daha təkrar edirəm, hörmətli Valeh müəllim, doğrudan da, bu məsələ bu şəkildədirsə, gözünü yumub bu məsələyə səs vermək olar. Açığı, mən çox oxudum və istədim ki, başa düşəm. Burada xeyli qeyri-müəyyənlik var.
İkinci bir məsələyə, yəni hörmətli Elmira xanımın toxunduğu məsələyə mən də toxunmaq istəyirəm. Bir neçə dəfə seçicilərim olan abonentlərin məhkəmə işlərində iştirak etmişəm. Bir deputat kimi həmin məhkəmələrin bəzilərini udmuşam. Amma çox çətinliklə, 5-6 aylıq məhkəmə çəkişməsindən sonra! Problem nədir? Elmira xanım da, səhv etmirəmsə, Fazil bəy də bu məsələyə toxundu. Məsələ bundadır ki, bir qayda olaraq, əsas sənəd heç də qanun olmur. Məhkəmələrin də, yerli idarələrin də əldə rəhbər tutduğu əsas sənəd Nazirlər Kabinetinin, burada müvafiq icra hakimiyyəti yazılıbdır, təsdiq etdiyi qaydalardır. Konkret olaraq bu qaydalardan yalnız elektrik enerjisindən istifadə qaydaları bizə təqdim olunubdur.
Diqqət etsəniz, “Elektroenergetika haqqında” Qanunda enerjinin keyfiyyəti haqqında heç nə yoxdur. Tezliklə və gərginliklə bağlı məsələ olduqca böyük problemdir. Məsələn, hamı bilir ki, iri xarici şirkətlər, bir qayda olaraq, bizim setdən istifadə etmir. Baha başa gəlsə də, onlar generatorlardan istifadə edirlər. Çünki stabil şəkildə, lazımi keyfiyyətdə olan elektrik enerjisindən istifadə imkan verir ki, həssas elektronik cihazlar xarab olmasın, sıradan çıxmasın.
Eyni zamanda, bilirsiniz ki, son dövrlər yeni texnologiyanın tətbiqi ilə bağlı gərginliyi və tezliyi dəqiq olan elektrik təchizatına ehtiyac vardır. Lakin əhali abonentləri, istehsal ilə məşğul olan idarələr, müəssisələr, təşkilatlar, hüquqi şəxslər ciddi şəkildə bundan əziyyət çəkirlər.
Mən burada maraqlı bir məqama diqqəti cəlb etmək istəyirəm. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilir: “Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və ayırma şərtləri, qazın keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Amma elektrik enerjisində bu cür dəqiqliklə göstərilməyib. Mən həmin qaydalara baxmışam. Əslində, bu köçürmədir. Çünki qazın gərginliyi və tezliyi nə deməkdir? Bu o qədər məlum deyil. Sadəcə, elektroenergetika terminləri bura salınıbdır. O baxımdan, hörmətli deputatlar, istərdim ki, müvafiq komissiya hər halda qanunvericilik təşəbbüsçüsü ilə bir daha danışsın, bir daha dəqiqləşdirmələr aparılsın, hətta burada səs verdikdən sonra bəzi dəqiqləşmələr aparmağa səlahiyyət verilsin. Bu məsələyə də aydınlıq gətirilsin.
Burada enerjinin kəsilməsi məsələsi ilə bağlı deputatların narahatlığı olduqca təbii qarşılanmalıdır. Təsəvvür edin ki, məsələn, yay ayıdır. Soyuducu var. Söhbət təkcə məişət soyuducusundan getmir. Deyək ki, ayrı-ayrı təsərrüfat müəssisələrinin soyuducusundan gedir. Hansısa səbəbdən təmir adı ilə elektrik enerjisi dayandırılır. Onun da generatoru yoxdur. Təsəvvür edin, hüquqi şəxslərə, müəssisələrə nə qədər böyük bir zərər dəyir. Yaxud çox istidir, amma kondisionerdən istifadə edə bilmir. Abonentə olduqca ciddi maddi və mənəvi zərər dəyir.
Mən indi deputatların diqqətinə çatdırmaq istəyirəm ki, onların hüquqları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənir. Hətta həmin qanuna istinad edərək məhkəmə çəkişmələri də qaldırmaq mümkündür. Amma bir daha təkrar edirəm, yaxşı olardı ki, bu məsələlər dəqiq şəkildə bu qanunla da tənzimlənsin. Digər deputatların, o cümlədən İltizam bəyin qaldırdığı məsələlər olduqca ciddi əhəmiyyət daşıyır. Hesab edirəm ki, müvafiq komissiya bu məsələlər ətrafında müəyyən iş aparıb, müəssisələrin əməkdaşları ilə, mütəxəssislərlə danışıb, Nazirlər Kabineti ilə əlaqə yaradıb.
Bu əlavə və dəyişikliklər təsdiqləndikdən sonra hörmətli Valeh müəllimdən çox xahiş edərdik ki, Nazirlər Kabineti həmin müqavilə nümunələrinə xüsusi diqqət yetirsin. Çünki həmin müqavilələr Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndiyinə görə normativ əhəmiyyət kəsb edir. Bir daha təkrar edirəm, onun bir tərkib hissəsi kimi meydana çıxır. Hörmətli Valeh müəllimdən bir daha xahiş edək ki, həmin məsələni nəzarətdə saxlasın. Bizim müvafiq komissiyalar, komissiyanın sədri bu qanunun tələblərinin, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə nail olsunlar. Əgər, həqiqətən, bu qanun işləyəcəksə, bu məsələlər həyata keçiriləcəksə, Azərbaycanda çox mühüm sosial əhəmiyyətli bir problemin həllində irəliyə doğru bir addım atılacaqdır. Sizi inandırıram ki, bu təkcə sosial məsələ deyil, az qala sosial-siyasi bir problemdir. O baxımdan da komissiyanın bu məsələlər üzərində öz işini davam etdirməsini arzu edirəm. Ümid edirəm ki, faydalı, savab işlərdən birini görmüş olacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev. Mən xahiş edirəm, fikrinizi bir az konkretləşdirin, çünki iş gününün sonuna az qalır. Valeh müəllim də suallara cavab verməlidir.
A. Şahverdiyev. Bahar xanım, mənə söz verdiyiniz üçün çox sağ olun. Mən, adətən, lakonik danışıram. Məndən öncə çıxış edən deputat həmkarlarımın səsinə qoşuluram. Gec də olsa, üçüncü çağırış Milli Məclisin 2009-cu il payız sessiyasının işə başlaması münasibətilə sizi təbrik edir, uzun ömür, can sağlığı və dövlətçiliyimizin qanunvericilik bazasının möhkəmlənməsi yolunda uğurlar arzulayıram. Digər tərəfdən bir neçə gün öncə Milli Məclisin həyatında möhtəşəm bir hadisənin, yəni yeni korpusun istifadəyə verilməsinin şahidi olduq. Ona görə də ölkə başçısı cənab İlham Əliyevə, eyni zamanda, bu işlərin yerinə yetirilməsində xüsusi səy göstərmiş Milli Məclisin Sədri Oqtay Əsədova öz minnətdarlığımı bildirirəm.
Açığını deyim ki, Milli Məclisin payız sessiyasının iş planında çıxışa yazılmışdım və konkret təklifim də vardı. Həmin təklifi 2009-cu il fevral ayının 2-də yaz sessiyasının açılışında da səsləndirmişdim. Bu, Alternativ enerji haqqında qanun layihəsinin işlənib hazırlanması və Milli Məclisin müzakirəsinə çıxarılması ilə bağlıdır. Bu, sadəcə, mənim təklifim deyil, günün tələbindən irəli gələn məsələdir. Çünki arada söhbətlər də gedir. Ola bilsin ki, gələcəkdə Azərbaycanda nüvə enerjisindən də istifadə olunsun. Bildiyiniz kimi, nüvə enerjisi də alternativ enerji növlərinə daxildir. Amma çıxış etməyə növbə çatmadı. İndi fürsətdən istifadə edib, 1998-ci ildə qəbul olunmuş “Elektroenergetika haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsini müsbət hal kimi qiymətləndirirəm. Bu da istehlakçının hüquqlarının qorunmasına gətirib çıxarır.
Burada məndən öncə çıxış edən deputatlar istehsalçı ilə istehlakçı arasındakı münasibətlərə aydınlıq gətirdilər. Mən onların sözlərini təkrarlamayacağam. Mən bu qanunun adından başlamaq istəyirəm. Yaxşı olardı ki, bu qanun qəbul olunanda onun adı Energetika haqqında qanun olsun. Çünki mühəndislər yaxşı bilirlər ki, istilik energetikası və digər energetika sahələri mahiyyətcə eyni olsalar da, formaca müxtəlifdirlər. Demək istəyirəm ki, qanunun adı onun məzmununu əks etdirməlidir. Düzdür, qanunun məzmununda elektrik enerjisi ilə yanaşı istilik enerjisinin adı çəkilir. Amma yaxşı olardı ki, bu qanunun adı dəyişdirilsin və Energetika haqqında qanun olsun. Eyni zamanda, təkidlə dediyim alternativ enerji haqqında bir fəsil buraya daxil olsun. Mənə elə gəlir ki, həm ekoloji, həm insan həyatının qorunması, həm də ölkənin enerji təhlükəsizliyinin təminatı baxımından alternativ enerjinin üstünlüyü danılmazdır.
Bilirsiniz ki, ənənəvi enerji daşıyıcıları, yəni karbohidrogenlər tükənən sərvətdir və bu gec-tez baş verəcəkdir. Ona görə də gələcəyin enerjisi dedikdə, əsasən, termonüvə enerjisi, külək, günəş, biokütlə, geotermal sular və sair nəzərdə tutulur. Azərbaycan dünya ölkələri arasında bu enerji istehsalı üçün ən münbit şəraiti olan ölkələrdən biridir.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, 1998-ci ildə qəbul olunmuş qanun, ola bilsin, həmin dövr üçün çox aktualdı. Amma bu gün dünyada enerji istehsalının artması, yeni enerji növlərinin əmələ gəlməsi tələb edir ki, bu qanuna edilən dəyişikliklər yenidən işlənilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Astan müəllim. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, Bahar xanım. Mən də qanun layihəsinin çox vacib olduğunu qeyd etmək istəyirəm və deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Həmkarlarımın bir çoxu bu qanun layihəsinə əlavələr və düzəlişlər barəsində fikirlər söylədi. Mən də bir neçə məsələyə toxunmaq istəyirəm və güman edirəm ki, bu sahə, doğrudan da, sosial sahələr içərisində ən vacib olan sahələrdən biridir. Burada hüquqi təminat vacib məsələdir.
Qanunun adından da göründüyü kimi, əsasən, o elə məsələləri tənzimləyir ki, burada istehlakçı ilə təchizatçı arasında olan münasibətlərin həyata keçirilməsi öz əksini tapır. Həmkarlarımdan birinin qeyd etdiyi kimi, doğrudan da, bu qanunda, əsasən, təchizatçının hüquq və vəzifələri öz əksini tapır. Təbii ki, bizim “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” da Qanunumuz var. Orada istehlakçının hüququ pozulursa, bazardan aldığı ətdən zəhərlənməsindən tutmuş qaz təchizatında zəhərlənməsinə qədər bütün məsələlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənir. Necə deyərlər, biz qanuna bir qanun da əlavə etməməliyik. Yəni bu qanun var, bununla bu tənzimlənir. Tutalım, “Qaz təchizatı haqqında” Qanuna “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu, yaxud “Su təchizatı və tullantı suları haqqında” Qanunu və ya “Elektroenergetika haqqında” Qanunu salsaq, onda qanunların neçə səhifədən ibarət olacağını bir Allah bilir.
Burada hər iki tərəfin hüquqları haqqında fikir söylənildi. Bir misal var, deyilir ki, imam üçün ağlayanda gərək yezid üçün də ağlayasan. Mən bir balaca təchizatçının hüquqları haqqında da demək istəyirəm. Burada qeyd olundu. Hörmətli həmkarım Elmira xanım “monopolist” dedi. Bu, dövlət təşkilatıdır, səhmdar cəmiyyətdir. Bu, özəl təşkilat deyil ki, kimsə hansısa sahəni monopoliyaya götürsün. Bu, səhmdar cəmiyyətdir, səhmlərə malikdir. Səhmdar cəmiyyət də vətəndaşlarla müqavilə bağlayır. Bunun əsasında onları qazla, işıqla, su ilə təmin edir. Təminatda keyfiyyətsizlik varsa, bu, məsələnin digər tərəfidir.
İkincisi, dövlət büdcəsinə daxil olan vəsaitin böyük bir hissəsi məhz həmin məhsulların satışından irəli gəlir. Bunun nəticəsi olaraq, pensiyaçılar, müəllimlər, həkimlər, digər sahələrin işçiləri həmin gəlirlərin hesabına əmək haqqı alırsa, onda biz fikirləşməliyik ki, vətəndaşlar da istifadə etdiyi enerji daşıyıcılarının qiymətini qanunla müəyyənləşmiş həddə ödəməlidirlər. Biz bunun şahidi oluruq ki, birinin qapısını döyürlər, deyir, özümü yandıraram. O birinin qapısını döyürlər, deyir ki, ümumiyyətlə, mən qapını açmıram və sair.
Burada qeyd olundu ki, elan verilməlidir. Məsələn, Yasamal rayonunda 4 nəfər qaz işçisi, 250 min əhali var. İndi bu 7 nəfər düşsün qapı-qapı, desin ki, sabah qaz kəsiləcək, xahiş edirəm, qazınızı söndürün. Yaxud su ilə bağlı. Yəni bu real məsələ deyil. Təbii ki, biz mütəmadi olaraq televizorda eşidirik ki, filan rayonlarda su kəsiləcək, su olmayacaq. Televiziya vasitəsilə mümkündür. Amma fərdi qaydada, elanlar vasitəsilə qeyri-mümkün olan bir məsələdir. İstənilən qəzetdə elan vermək olar. Amma Azərbaycanda qəzetlərin tirajı 15 mini aşmır. Bunu da kimsə oxuyacaq, yaxud oxumayacaq. Bu da qeyri-müəyyən bir şeydir.
Burada küçələrdə qaz sayğaclarının qorunması ilə əlaqədar bir məsələyə də toxunuldu. Biz şahid olmuşuq ki, sayğacı həyətə qoymaq istəyir. Deyir, mənim həyətimə qaz və ya işıq pulu yığan girə bilməz. Bu tərəfi də var. İmkan vermirlər. Yəni ümumi götürəndə bu münasibətlərin tənzimlənməsində mütləq normativ hüquqi akt olmalıdır. Bununla da təmin olunmalıdır ki, hər iki tərəf öz hüququnu başa düşsün və onu yerinə yetirsin.
Parlament seçkiləri dövründə sayğaclaşma məsələsi yox idi. Deməli, adambaşına təxminən 6 manat elektrik enerjisinə pul yığırdılar. Hansı kəndə çatırdın, dava edirdilər ki, 6 manat çoxdur və sair. Orada bir fikir söylədim, dedim, bizim evə sayğac qoyublar və heç bir istilik enerjisindən də istifadə etmirik. Elektrik sayğacı vasitəsilə 20-25 manat pul ödəyirəm. Sayğac qoysalar, siz daha çox ödəyəcəksiniz. Bax, indidən bunu bilin. Dedilər, yox, bizi sayğaclaşdırsınlar, vəssalam. İndi sayğac qoyulandan sonra görürlər ki, hər yerdə işığı gecə səhərə qədər yandırmaq olmaz, elektrik enerjisindən sui-istifadə etmək olmaz. İstifadə edirsənsə, pulunu ödəməlisən. Bu baxımdan hesab edirəm ki, bu qanun layihəsi hamını tam təmin edəcəkdir. Deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
Birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Zahid müəllim, xahiş edirəm, nəzərə alın ki, vaxtın başa çatmasına 20 dəqiqə qalır, hələ qanun layihələri də var. Buyurun.
Z.Orucov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən ən əvvəl kənar bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Hələ görməmişəm ki, vətəndaş informasiya-kommunikasiya sistemlərindən, məsələn, “Azercell”, “Bakcell” və sairdən onun üzərinə gələn qeyri-qanuni hansı isə ödəmə məsələsinə görə çox ciddi məhkəmə çəkişmələrinə gedib çıxsın. Demək olar ki, belə faktlar çox azdır, barmaqla sayılacaq qədərdir, amma var, mediaya çıxmır, ictimailəşmir. Kütləvi tutuma malik olan elektrik enerjisi təminatında, su təchizatında və digər təminatlarda da bu gün məhkəmə predmeti olan çoxlu faktlar var. Sadəcə, ona görə ki, nəyi isə səhv etmişik. İstər SimSim, istərsə də digər ödəmə kartları sistemi ilə vətəndaş öz öhdəliklərini çox yaxşı bilir və həmin öhdəlikləri yerinə yetirir, yetirməyəndə o fəaliyyət dayanır. Biz bunu bütöv bir sistemdə bərqərar edə bilməmişik.
Hörmətli həmkarım Siyavuş Novruzov çox dəyərli fikirlər söylədi, amma o danışa-danışa mən düşünürdüm ki, məsələn, biz kart sistemini əvvəldən bütün sahələr üzrə reallaşdıra bilməzdikmi? Bilərdik. O zaman kim isə gəlib deməzdi ki, sayğacda göstəricilər saxtadır, küləyin təsirindən yaranıbdır, sadəcə, havadır və sair. Niyə biz onu etmirdik? Deməli, hansısa maraqlar olub. Elektrik sahəsini idarəetməyə verdik, BARMEK, BAYVA və sair təşkilatlar meydana çıxdı. Vətəndaşlarla münasibətlər düzgün qurulmadı. Ağrılı nəticələr yaşadıq, dövlət həmin sahəni təkrar özünə qaytardı. Digər sahələr də həmçinin.
Birinci biz nəyi yaratmalıyıq? Dövlət standartını. Yəni dövlətin vətəndaş qarşısında öhdəliyi var, elektrik enerjisini 220 volt gərginlikdən aşağı olmayan səviyyədə və sair formada mütəmadi təmin etsin. İstehlakçıların hüquqları isə ondan ibarətdir ki, sərf etdikləri enerjinin haqlarını vaxtlı-vaxtında ödəsinlər. Biz bunu yaratmasaq, vətəndaşla təchizatçılar, yəni ödəmə haqlarını tələb edənlər arasında həmişə münaqişə yaranacaq və bu da kimin isə maraqlarına xidmət etmiş olacaqdır. Mən təklif edirəm ki, bu dövlət standartı olsun.
İkinci, burada səsləndi ki, müqavilə birtərəfli qaydada müəyyənləşdirilə bilməz. Bəli, çox haqlı olaraq burada da qeyd olunur ki, dövlət qurumları monopol qurumlar deyil, çünki o sahələr bütövlükdə özəlləşməyə verilməyib. Yəni elektrik enerjisi və digər sahələr dövlətin bilavasitə səlahiyyətindədir. Bu, idarəetmədə o demək deyil ki, sən bütün şərtləri diqtə eləyəsən. Həmin müqavilədə dövlətin hüquqi üstünlüyü nəzərə alına bilməz. İstənilən Avropa ölkəsində bunun nümunəsi var. Mən xatırlayıram ki, elə bu parlamentə, – o vaxt, sadəcə, kreslolar fərqli idi, – BARMEK tərəfindən qalın kitab şəklində müqavilələr göndərilmişdi. Onları da özləri yazmışdılar. Bu cür normativ aktlar, əlbəttə, dövlət tərəfindən müəyyənləşə bilməz. Yəni uzaqbaşı bu məsələ parlamentin səlahiyyətində olmalıdır ki, onları təsdiq etmək mümkün olsun. Bu, ictimai, xalqdan gələn bir qurumdur, hökumət deyil. Sadəcə, hamının arzusu odur ki, borcdan qurtarsın. Dəfələrlə ona deyilir ki, kompüterə düşüb. Vətəndaş ekranlara çıxır, şikayət edir ki, 200 manatlıq elektrik enerjisi sərf eləmişəm, 600 manatlıq qəbz gəlib. O gedir həmin dövlət təşkilatına, ona deyirlər ki, kompüterə düşüb, düzəltmək mümkün deyil. Sanki kompüterə düşmək Allah tərəfindən baş verib, insan barmağı ilə olmayıbdır. Onun oradan çıxması çox çətin bir şeydir. Ona görə hesab edirəm ki, bu məsələ, nəhayət, gəlib müzakirəmizə çıxıbdır. Ona görə mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Zahid müəllim, sağ olun. Səsə qoymazdan əvvəl Valeh müəllimə söz verək.
V. Ələsgərov. Bir-iki kəlmə söz deməsəm, bu gecə yata bilməyəcəyəm. Sabah da yola çıxıram, gərək doyunca yatım ki, rahat yol gedə bilim. Birinci, çox üzr istəyirəm hamınızdan, əlavə və dəyişiklikləri mövcud qanunlarla bərabər oxumaq lazım idi. Onları bu gün qüvvədə olan qanunvericilik aktları ilə bərabər oxusaydınız, sizi əmin edirəm, verdiyiniz sualların, təkliflərin əksəriyyəti aradan çıxardı. Bu bir. Fikir verdinizsə, arada Əli müəllim bura yaxınlaşdı, bir irada dair məsələni qısaca müzakirə elədik. O dedi ki, filan qanunda bu var. Mən də dedim ki, bilirəm var, amma çıxış eləyən, yəqin, bunu bilmir. Ona görə də xahiş edirəm, bundan sonra müzakirə olunanda qüvvədə olan qanunvericilik aktlarını dəqiq oxuyaq. Onda çox suallar, iradlar, təkliflər aradan çıxacaq. Bu bir.
İkinci, biz qanunvericilik aktını müzakirə edirik, qanunun tətbiq mexanizmini yox. O, bizim işimiz deyil, onu həyata keçirən başqa qurumlardır. Üçüncü, bir də deyirəm. On üç gün əvvəl bizim komissiyanın iclası olub. O komissiyanın iclasına kim isə yazılı şəkildə indi dediklərini təqdim etsəydi, orada imkan var idi ki, sualların çoxuna cavab verək, izahat verək, aydınlıq gətirək. Mən deyirəm, özüm də eşidirəm. Dörd ildir bu sözləri deyirəm. Deməli, burada çıxış eləmək oradakından bir az fərqlidir.
Bəzi sualları cəmləşdirib deyirəm ki, tərəflərin münasibətləri müqavilə ilə bağlanır. Sivil cəmiyyətdə iki tərəf də müqavilə bağlamaq qabiliyyətinə malik olmalı, öz hüquq və haqqını qoruya bilməlidir. Bayaq burada deyildi ki, istehlakçıların hüququnu qoruyan qanunvericilik aktları mövcuddur. Bütün qanunların müzakirəsində, qəbulunda bunları xırdalasaq, onda hər qanun böyük bir kitab olacaq. Bu da mümkün deyil. Bir də ki, bayaq, deyəsən, Siyavuş müəllim dedi, xahiş edirəm, kəndlərə, seçildiyiniz məntəqələrə gedəndə, yolda maşından çıxmadan saat onda, on birdə, on ikidə yanan işıq lampalarının sayını qeydiyyata alın. Baxın görün, neçəsini sayırsınız. İşləməyən dükanların qabağında, içində. Dükan yox, kəndli öz qarpızını, pomidorunu satmaq üçün bir yer düzəldib, orada iki lampa günün günortaçağı yanır. Hansı deputat, hansı ürəyi yanan adam dayanıb, başını çıxarıb ona deyib ki, bu nədir? Əminəm ki, qəbul edəcəksiniz, çox mütərəqqi əlavələr və dəyişikliklərdir. Təkliflərinizi yazın, verin, mexanizm işləyəndə çalışaram komitəmizin üzvləri ilə bərabər məqsədəuyğun şəkildə bunları həyata keçirməyə nail olaq. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Təbii müalicə ehtiyatları, müalicə – sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi haqqındadır. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Üzr istəyirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2009-cu il 24 iyul tarixli 1/266 nömrəli, – Nizami müəllim “drob” əvəzinə bir söz tapsa, bundan sonra onu deyəcəyəm, – məktubu ilə müzakirə və qəbul edilmək üçün adı çəkilən qanun layihəsi Milli Məclisə göndərilmişdir. Bu sənəd bizim və Hadi müəllimin komitəsində müzakirə olunmuşdur. Komitə üzvləri tərəfindən dəstəklənən qanun layihəsi sizin müzakirənizə tövsiyə edilmişdir. Layihə ilə, yəqin ki, tanış olmusunuz. İnanmıram ki, əlavə çıxışlara ehtiyac olsun, çünki qanun layihələrinə edilən dəyişikliklər çox qısadır və dəqiqləşdirici xarakter daşıyır. Ona görə səs verək, dəstəkləyək, qəbul edək.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.57 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0  
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi haqqındadır. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! “Tütün və tütün məmulatı haqqında” Qanun 2001-ci ildə qəbul olunub. Bu qanunun dördüncü maddəsinə dəyişiklik nəzərdə tutulubdur. Qanun layihəsi bizə möhtərəm Prezidentimizin imzası ilə gəlibdir. Qanunun 4.0.6-cı maddəsində “daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatını kvotalaşdırmaq” cümləsinin yerinə təklif olunur ki, “daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatına tarif kvotalarını müəyyən etmək” yazılsın. Bu dəyişiklik bizim komitədə geniş müzakirə olunub və deputat həmkarlarım öz fikirlərini bildiriblər. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, biz yerli istehsalı, bazarı qorumaq istəyirik. Kvotadan istifadə eləmək məhz elə Ümumdünya Ticarət Təşkilatının təkliflərindən biridir. Tamamilə qanunauyğun dəyişiklikdir. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm, bunun qəbuluna səs versinlər.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Mən də hesab edirəm ki, tamamilə yerində olan dəyişiklikdir. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 17.59 dəq.)
Lehinə  81
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  81
Yetərsay yoxdur

Üzr istəyirəm, yetərsay yoxdur. Buyurun, yenidən səs verək.

Səsvermənin nəticələr (saat 18.00 dəq.)
Lehinə  102
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  102
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti məsələ Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli Məclis iştirakçıları! Təqdim olunan layihədə nəzərdə tutulur ki, Qazax rayonunun Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzən kəndləri Alpout bələdiyyəsinin, Cəfərli və Bala Cəfərli kəndləri Xanlıqlar bələdiyyəsinin tərkibinə daxil edilsin. Bu kəndlər müharibə zonasında yerləşir. Burada indiyə kimi seçki aparılmayıb və bələdiyyə də yaradılmayıb. Hazırda həmin kəndlərin ərazisində yaşayan sakinlər Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində fəaliyyət göstərmək istəyirlər. Onlar bunu xahiş ediblər və buna dair müvafiq protokollar təqdim olunubdur. Həmin kəndlərin müvafiq bələdiyyələrin tərkibinə daxil edilməsini lazımi səviyyədə qurmağa imkan verəcəkdir. Kəndlər kiçik olduqlarından onlarda bələdiyyə yaratmaq, yəqin ki, səmərəli olmaz. Eyni zamanda, qanun layihəsində nəzərdə tutulur ki, bələdiyyələrin respublika siyahısına müvafiq düzəlişlər verilsin. Sağ olun.
Sədrlik edən. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 18.02 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 0  
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti üç məsələ haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev məlumat verəcək. “Dövlət qulluğu haqqında” Qanuna edilən əlavə və dəyişikliklər üç qanun layihəsi ilə gəlibdir. Bunlar mahiyyət etibarilə fərqli məsələlərdir, üç ayrı-ayrı qanun şəklində olacaqdır. Ona görə, xahiş edirəm, bu deyilənləri nəzərdən qaçırmayın. Rövşən müəllim, buyurun, hər üç qanun layihəsi haqqında məlumat verin. Səsverməni ayrı-ayrılıqda aparacağıq.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çox sağ olun ki, şərait yaratdınız. Biz bir qanun ətrafında 3 yeni layihəni birlikdə təqdim edirik. Birinci təqdim olunan layihə dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydalarının təsdiq edilməsi barədədir. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il tarixli 28 iyun 108 saylı Fərmanından irəli gələn vəzifənin yerinə yetirilməsi ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr təklif edilir. 28.6-cı maddəyə təklif olunan dəyişikliklərə əsasən dövlət orqanlarının rəhbərləri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi qərar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya nəzərdə tutulur. Dəyişiklik dövlət qulluğu üzrə vahid kadr balansının formalaşdırılmasına xidmət edəcəkdir.
Dövlət qulluğu ilə əlaqədar ikinci dəyişiklik ixtisas dərəcələrinin verilməsi şəraiti ilə bağlıdır. Qanunun 17.3-cü maddəsinin birinci hissəsinə təklif edilən dəyişiklik ixtisas dərəcəsini almaq üçün dövlət qulluğunda ümumi stajın əsas götürülməsini əlaqələndirir. Həmin dəyişiklik həmçinin ixtisas dərəcəsini almaq üçün müvafiq vəzifələrdə olmaq müddətini də müəyyən edir.
Üçüncü layihədə isə təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi birinci kateqoriya dövlət orqanlarına əlavə edilsin. Bu dəyişikliyin də məntiqi vardır, çünki Naxçıvan Azərbaycan Respublikasının ən böyük inzibati ərazisidir. Bu muxtar respublikanın ali orqanının birinci kateqoriyaya daxil edilməsinin hüquqi əsası danılmazdır. Hesab edirəm, bütün əlavə və dəyişikliklər zəruridir, onlar dövlət sisteminin möhkəmlənməsinə və dövlət qulluğunun təkmilləşməsinə xidmət edir. Xahiş edirəm, layihələrə ayrı-ayrılıqda səs verək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vaxtımız sona çatır. Bunlar normal dəyişikliklərdir. Yazılanlar əgər təkid eləmirlərsə, mən də, Rövşən müəllim də qeyd elədik ki, biz Daxili Nizamnaməyə görə səsverməni ayrı-ayrı keçirə bilərik. Bir qanuna dəyişikliklər olduğuna görə bir səsvermədə keçirmək olar. Ona görə də əziyyət olmasın deyə, bir səsvermə ilə hər üç qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 18.06 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 0  
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Axırıncı məsələ “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Komitənin sədri Nizami Cəfərov, buyurun.
N. Cəfərov. Çox sağ olun. Mən bayaq çox danışdım, indi az danışacağam. “İctimai televiziya və radio yayımı haqqında” Qanuna dörd dəyişiklik olur. Birinci, müəyyən qadağalar var idi ki, onlar eynilə “Reklam haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlarda var idi. Qanunun 14-cü maddəsində 14.4-dən 14.12-yə qədər yarımmaddələr çıxarılır və həmin fikirlər bir yarımmaddə ilə əvəz olunur.
Yayım Şurasının Baş direktoru, adətən, köhnə mətnə görə üç müavinini vəzifəyə təyin və azad edə bilərdi. Burada artıq yazılır ki, müavinləri üç də ola bilər, az da ola bilər.
Başqa bir dəyişiklik. Yayım Şurasının iclasının ən azı iki ayda bir dəfə keçirilməsi məsələsi var idi. İndi qərara gəlinir ki, altı ayda bir keçirilsin. Çünki artıq təcrübə bunu göstərdi ki, iki ayda bir dəfə tezdir.
Nəhayət, bir dəyişiklik də olur. Bu, qanunun 26.2-ci maddəsinə aiddir. 2010-cu il yanvarın 1-nə qədər televiziya özü-özünü maliyyələşdirməli idi. Yenə də təcrübədən çıxış edərək həmin tarix 2014-cü ilə keçirilir ki, İctimai Televiziyanın inkişafı üçün lazımi şəkildə şərait yaradılmış olsun. Xahiş edirəm, səs verəsiniz.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Hesab edirəm ki, normal dəyişikliklərdir. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 18.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 3
Səs verməd 1  
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun. Payız sessiyasının birinci iclasında çox məhsuldar işlədik. Hamınıza təşəkkür edirəm, növbəti iclas barədə məlumat veriləcək. Sağ olun.
 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU