20.10.2009 - tarixli iclasın stenoqramı
MİLLİ MƏCLİSİN İCLASI
20 oktyabr 2009-cu il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız və qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.11 dəq.)
İştirak edir 106
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən iki vacib mövzuya toxunmaq istəyirəm. Birinci, Naxçıvana uçan təyyarələrlə bağlı ciddi problemlər yaranıb. Oktyabr ayının 15-də təyyarələrin birində qəza vəziyyəti yaranıb. Allaha şükür ki, məsələ salamat, itkisiz tamamlanıb. Amma hər dəfə bu “TU” markalı təyyarələrin Naxçıvana uçuşu böyük təhlükə yaradır. Mənə elə gəlir, Azərbaycan dövlətinin kifayət qədər imkanları var ki, əhalinin təhlükəsizliyi naminə bu problemi həll eləsin. Yəni ən azı bir dəfə uçuş olsa belə, bura normal, modern təyyarə almaq, təhlükəsiz uçuşu təmin eləmək mümkündür.
İkinci, əhalinin əziyyətə salınması ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Əvvəllər bilet kassaları şəhərin mərkəzində idi, indi onları hava limanına köçürüblər. Kimsə bilet almaq istəyirsə, mütləq aeroporta gedib, orada növbəyə durmalıdır. Bu, olduqca yanlışdır. Mən fikirləşirəm ki, ümumiyyətlə, hər bir dövlət birinci növbədə vətəndaşın rahatlığını düşünməlidir. Müasir dövrdə internetdən bilet əldə eləyə bilirik. Heç bir əziyyət çəkmədən evin içindən istənilən məntəqəyə – Afrikaya, Amerikaya bilet əldə etmək mümkündür. Naxçıvana bilet tapmaq üçün isə mütləq gedib aeroportda növbəyə durmalısan. Orada da müəyyən çətinliklər var. İnformasiya gizlədilir, bəzən heç bunu da əldə eləmək olmur. Ona görə də xahiş edirəm ki, hökumətimiz bu məsələyə xüsusi diqqət yetirsin və gələcək fəlakətin qarşısını almaq üçün Naxçıvana uçuşun təhlükəsizliyi öz həllini tapsın.
Digər vacib bir məsələyə toxunmaq istəyirəm. Hörmətli millət vəkilləri, xatırlayırsınızsa, 2004-cü ildə hörmətli Prezidentin yanında ensiklopediya məsələsinin müzakirəsi keçirildi. Burada da müəyyən qalmaqallı məsələlər ortaya çıxdı. Hamıda ümid yarandı ki, dövlətin siması olan ensiklopediya məsələsi öz həllini tapacaq. Çox təəssüf ki, Azərbaycanda belə bir adət-ənənə formalaşıb. Dövlət əhəmiyyətli vacib məsələlər həll olunanda birinci titullar siyahıya doldurulur. Bu titullar nəyi edib-etməyəcəyi, nəyi bacarıb-bacarmayacağı araşdırılmadan müəyyənləşir. Çox böyük əraziyə, böyük informasiya potensialına malik dövlət deyilik və ilk Azərbaycan Sovet Ensiklopediyası da mövcud olub, amma üstündən 6 il keçməsinə baxmayaraq indiyə qədər Azərbaycan Ensiklopediyası buraxılmayıb. Mən hesab edirəm ki, bu məsələyə diqqət artırılmalıdır.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu gün Azərbaycan ictimaiyyətini ciddi şəkildə düşündürən Ermənistan–Azərbaycan münaqişəsinin həlli və regionda baş verən hadisələr Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunmalıdır. Bilirsiniz ki, regionda baş verən hadisələr fonunda Türkiyə ilə Ermənistan arasında da protokollar imzalanıb. Bu protokollar imzalanandan sonra da regionda münaqişələrin gələcək taleyi, Azərbaycanın itirilmiş, işğal olunmuş torpaqlarına münasibət, bundan sonra Azərbaycanın tutacağı yol və sairə ictimaiyyətdə ciddi şəkildə narahatlıq doğurur. Ona görə də hesab edirəm, Milli Məclis təcili olaraq, qapalı iclasında da olsa, Qarabağ məsələsini müzakirə etməlidir. Azərbaycanın bundan sonra tutacağı yolu, mövqeyi barədə səlahiyyətli qurumlar millət vəkillərinə aydın şəkildə hesabat verməlidirlər. Bu ümumi müzakirə əsasında ortaq bir yol tapılmalı və ən azı informasiya mübadiləsi aparılmalıdır.
Digər tərəfdən, Türkiyə–Ermənistan protokollarının imzalanmasından sonra ölkənin bəzi kütləvi informasiya vasitələrində, o cümlədən rəsmi qurumlarda antitürk təbliğatı ciddi şəkildə ayaq açıb. Bəzən Azərbaycanın Rusiya ilə müttəfiqliyinə daha çox önəm verilməsi, münasibətlərin daha isti olması barədə informasiyalar səslənir. Bu günlərdə Şəhidlər Xiyabanından Türkiyənin bayrağı götürülüb. Bu çox mənfi bir tendensiyadır. Əgər Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri bunu “Bayraq haqqında” Qanunun tətbiqi ilə əlaqələndirirsə, bunu çox-çox əvvəllər etmək mümkün idi. Məhz hadisələrin bu məqamında Türkiyənin bayrağının endirilməsi Azərbaycanın yox, daha çox Azərbaycanın düşmənlərinin xeyrinədir. Hesab edirəm, bu gün Türkiyənin bayrağı Azərbaycanda həmişəkindən daha yüksək yerlərdə dalğalanmalıdır. Türkiyə–Azərbaycan münasibətləri daha isti dönəminə daxil olmalıdır.
Nə Türkiyə AKP-dən ibarətdir, nə də AKP-nin yürütdüyü siyasət bütövlükdə Türkiyənin münasibətidir. Xatırlayırsınızsa, Bursadakı bayraq olayından sonra Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı sinəsində Azərbaycanın bayrağı həkk olunmuş nişanla parlamentə girdi və dedi ki, Azərbaycan bayrağı Türkiyənin parlamentindədir. Mən hesab edirəm, Azərbaycan da analoji addımlar atmalıdır. Emosiyalara qapılaraq bayraq haqqında qanunun tətbiqi ilə bağlı Türkiyədə bizi dəstəkləyən on milyonlarla insan xəyal qırıqlığına uğradılmamalı, Azərbaycanda Türkiyə sevgisinin azalması və yaxud da bunun hər hansı bir şübhə altına düşməsi barədə təsəvvür formalaşdırılmamalıdır.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, mən də bir məsələyə diqqəti yönəltmək istəyirəm. Türkiyə–Ermənistan danışıqları Azərbaycan üçün riskli və təhlükəli bir mərhələyə qədəm qoyub. Amma çox maraqlıdır ki, bu məsələ ilə bağlı bizim yerli müxalifət, özünü radikal adlandıran qüvvələr susur. Çox maraqlıdır ki, hətta bu məsələdə Türkiyə müxalifəti daha öndədir və onlar bu məsələ ilə bağlı öz narahatlıqlarını açıq şəkildə söyləyirlər.
Mən 2003-cü ilin Prezident seçkisindən sonrakı dönəmi xatırlayıram. Onu da xatırlayıram ki, Azərbaycan müxalifəti və müxalif mətbuatı Türkiyə iqtidarını dar ağacından asmağa hazır idi. Onları ittiham edirdilər ki, Azərbaycana xəyanət eləmisiniz. Nə var-nə var, İsa Qəmbərin prezidentliyinə dəstək verməyiblər. Mən bilmək istəyirəm ki, bəs indi nə baş verib? Hanı bu insanların radikallığı? Onlar yenə də “Sem” dayılarından mesaj gözləyirlər ki, nə vaxt onlara danışmaq əmri veriləcək və onlar danışmağa başlayacaqlar? Hələ ki, onlara “sus” əmri verilib və onlar susurlar.
Azərbaycanın və Qarabağın maraqları ayaqlar altındadır. Mən bunu kəskin şəkildə pisləyirəm və həmin qüvvələrə gec də olsa, hərəkətə gəlməyi, Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanında olmağı tələb edirəm. Onlara bildirmək istəyirəm ki, uzun illər “Qarabağlı elektoratı mənim tərəfimdədir” – deyə bəyanatlar verən o qüvvələr qarabağlıların üstündən əllərini götürsünlər. Onlar Qarabağ probleminə bu cür münasibətlə qarabağlıları özlərinə elektorat etmək haqqını birdəfəlik itiriblər.
Son vaxtlar bəzi toplantılarda məni narahat eləyən çağırışlar səsləndirilir ki, qarabağlılar hanı və 1 milyon məcburi köçkünün səsi niyə gəlmir? Mən bəyan etmək istəyirəm ki, qarabağlılar və 1 milyon məcburi köçkün ölkə Prezidentinin, Ali baş komandanın yanındadır və bu cür bölücü xarakterli çağırışlar etməyə ehtiyac yoxdur. Sadəcə, Azərbaycan dövlətinin və xalqının maraqlarını bütün firqə və şəxsi maraqlardan, təşkilat maraqlarından yüksəkdə tutmaq lazımdır. Çünki Qarabağın taleyi ilə bağlı ciddi narahatlıq ortalıqdadır. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C.Həsənli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bizim gündəliyimizdə çox vacib məsələlər var. Azərbaycanın sosial-siyasi, iqtisadi, ictimai həyatının tənzimlənməsi üçün, yəqin ki, iclasımız ərzində qəbul edəcəyimiz qərarların mühüm əhəmiyyəti olacaq. Ancaq bununla bərabər, bizi narahat eləyən müəyyən məsələlər var. Bu məsələlər ətrafında da fikir mübadiləsi etməyi lazım hesab etdik.
Cənab Sədr, mən birinci növbədə iclaslarımızın keçirilməsi proseduruna Sizin diqqətinizi cəlb etmək istəyirəm. Doğrudur, biz qərar qəbul etmişik ki, iclaslarımız ayda ən azı iki dəfə çağırılmalıdır. Amma elə məqamlar, elə ciddi sosial-siyasi proseslər gedir ki, bu məqamlarda Milli Məclis bunlara öz münasibətini bildirməlidir və Milli Məclis Azərbaycanın çox mühüm dövlət orqanlarından biridir. Elə bu gün haqqında söhbət gedən protokollar ayın 10-da imzalanıb. Amma 10 gündən sonra biz toplaşmışıq,— şübhəsiz ki, gündəliyimizdə bununla bağlı ayrıca məsələ yoxdur, – və bütövlükdə səhər iclasında bu məsələyə münasibət bildiririk. Mən xahiş edirəm, Azərbaycanın taleyi ilə bağlı məsələlər meydana çıxanda Milli Məclis öz çevikliyini itirməsin və bu məsələlərə vaxtında reaksiya verə bilsin.
İkinci deyəcəyim məsələ yaranmış vəziyyətlə bağlı başlanmış kampaniyadır. Biz, əlbəttə, bilməliyik ki, Türkiyə bizim ən yaxın müttəfiqimizdir, bizə dost və qardaş ölkədir. Hətta bu cür şəraitdə belə tərəfləri bəzən təmin etməyən müəyyən məsələlər, mübahisələr meydana çıxır. Bu mübahisələri ümumxalq kampaniyasına çevirmək lazım deyildi. Biz sovet dövründə Türkiyə əleyhinə aparılan ümumxalq kampaniyalarının taleyini gördük. Həmin dövrdə yaranan problemi xalqın ürəyindən çıxarmaq ona görə mümkün oldu ki, o, sovet ideologiyası rejimində aparılırdı. Bu gün yaranmasında Türkiyənin də rolu olan müstəqil dövlətimizdə xalqın şüuruna antitürk kampaniyasının yeridilməsinin zərərli nəticələri ola bilər. Hökumətlər bir-biriilə daha tez barışacaq, amma bunu xalqın ictimai şüurundan çıxarmaq mümkün olmayacaq. O cümlədən şəhid məzar...
Sədrlik edən. Sağ olun, Cəmil müəllim. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, hörmətli sədarət! Mən də həmkarlarımın dedikləri bir sıra fikirlərə qoşuluram və hamımızı narahat eləyən Türkiyə–Azərbaycan münasibətləri barədə narahatlığımı bölüşmək istəyirəm. Bilirsiniz, bizə dünyada ən yaxın olan dövlət Türkiyədir. İki-üç gün bundan əvvəl Azərbaycanın müstəqilliyini bayram elədik. Uzun müddət xarici dövlətlərdə Azərbaycanın diplomatik korpusları olmayanda bizim nümayəndəliklər Türkiyə səfirliklərində və Türkiyə bayrağı altında oturublar. Biz gərək bunu unutmayaq.
Türkiyə bu gün çətin bir dönəmdən keçir. Regionda onun mövqeləri möhkəmlənir və bu, ciddi bir prosesdir, bizi də maraqlandırır. Suriya ilə sərhədlərinin açılması, İraqla münasibətlərinin düzəlməsi və bu kontekstdə Ermənistanla protokolların imzalanması bir reallıqdır və bunu başa düşmək lazımdır. Biz buna səbrlə, emosiyadan kənar yanaşmalıyıq. Əlbəttə, protokolda Qarabağ şərtinin unudulması, Qars müqaviləsinin kənarda qalması hamımızı narahat edir. Buna ən çox təpki verən, ən çox narahat olan da Türkiyə mətbuatı, Türkiyənin müxalifəti və türk xalqı oldu. Haqlı olaraq Türkiyə mətbuatında deyilirdi ki, bu məsələlərdə Azərbaycan mətbuatı susur. Biz burada susduq, Milli Məclisdə bu məsələni müzakirə eləmədik, amma futbol komandasına bənzər 11 nəfərlik deputat qrupunu Türkiyəyə göndərdik. Türkiyəyə getmək lazım deyildi, öz televiziyalarımızda, radiolarımızda, Milli Məclisimizdə bu məsələ müzakirə olunmalı idi. Ora 3—4 nəfərdən ibarət nümayəndə heyəti gedə bilərdi. Bu mənim şəxsi fikrimdir, heç kim inciməsin.
Hesab edirəm ki, bu məsələyə emosional, tələsik cavab vermək lazım deyil. Türkiyə ilə bizim münasibətlərimizi pozmaq istəyən qüvvələr çoxdur. Elə Türkiyənin özündə erməni diasporası və lobbiçiliyi bizdən daha güclü işləyir. Bursada 30 min Azərbaycan bayrağı hazırlanmışdı. Onu görməyib, iki-üç bayrağı görmək günahdır. Mənə elə gəlir ki, şəhid məzarlığındakı bayrağın endirilməsi məsələyə tələsik və bir az da diplomatiyadan uzaq yanaşmadır. Biz münasibətlərimizə son dərəcə səbrlə yanaşmalıyıq və bu dövrü yaşayıb keçməliyik.
Türkiyənin xarici işlər naziri Davudoğlu bu məsələyə çox diplomatik və gözəl cavab verir. Deyir ki, şəhidlər Azərbaycana əmanətdir. O insanlar bizim torpağımız üçün şəhid olublar və onlar olmasaydı, bu gün Bakı bizim yox, Dərbənd kimi Rusiyanın ərazisi olaraq qala bilərdi. Bu tarixi unutmaq, belə şeylərə etinasız münasibət bəsləmək olmaz. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginliyi Rusiyaya meyillənmək istiqamətinə çevirmək, Azərbaycanda Türkiyə əleyhinə təbliğat aparmaq düşmən qüvvələrin xeyrinədir.
Sədrlik edən. Sabir müəllim, Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti futbol komandası deyil. Xahiş edirəm, öz həmkarlarınıza hörmətlə yanaşın. Belə olmaz. Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən elə futbol komandasından başlamaq istəyirəm. Bildiyimiz kimi, komanda oyunları içərisində futbol oyunu elə bir oyundur ki, burada bütün üzvlər, meydana çıxan hər kəs bir nəfər kimi oynamalıdır. Mən hesab edirəm ki, bizim 11 nəfərlik nümayəndə heyəti Türkiyədə məhz belə bir iş apardı və onların ora getməyi vacib idi. Ona görə ki, hamımızın qeyd etdiyimiz, keçirdiyimiz narahatlıqları ən müxtəlif səviyyələrdə Türkiyə ictimaiyyətinin və rəsmilərinin diqqətinə çatdırmaq lazım idi. Onlar da bunun öhdəsindən ləyaqətlə və şərəflə gəldilər. İndi yəqin, Səməd müəllimdən xahiş edərik, Türkiyədə gördükləri işlərlə bağlı bizə informasiya verər.
Biz ikitərəfli əlaqələrin, qardaşlığın, dostluğun möhkəmləndirilməsi məsələlərindən danışanda hər zaman parlament nümayəndə heyətlərinin, ictimaiyyətin nümayəndələrinin, ziyalıların qarşılıqlı səfərlərinin vacib olduğunu deyirik. İndi də elə bir dönəmdir ki, bu səfərlər mütləq vacib idi və həyata keçirildi.
Qaldı ki Milli Məclisin çevik münasibət bildirməməsi məsələsinə, deyim ki, məhz elə çevik münasibətin nəticəsi idi ki, bu insanlar Türkiyəyə səfər etdilər. Onların Türkiyəyə səfər etməsi və bir sıra millət vəkillərinin Bakıda olmaması səbəbindən Milli Məclisin iclasını ayın 20-nə təyin elədik. Bu gün də görülmüş iş haqqında burada fikir mübadiləsi aparıla və hər kəs öz mövqeyini ortalığa qoya bilər. Azərbaycanda heç kəs antitürk təbliğatı ilə məşğul deyil.
Siz deyirsiniz ki, ən kəskin tənqid, ən kəskin cavab Türkiyə mətbuatında verildi. Biz nə deyirik? Biz də Türkiyə mətbuatında deyilən fikirləri deyirik də. Biz də deyirik ki, narahatıq, nigaranıq, sərhədlərin açılmasını Qarabağ məsələsinin həllindən əvvələ təsadüf etməsini qəbul etmirik. Bunu da ictimaiyyətin diqqətinə çatdırırıq. Bir atalar məsəli var: “Uman yerdən küsərlər”. Bizi bu gün ittiham edirlər ki, biz Ermənistana silah verən İranla, nə bilim, Rusiya ilə yox, Türkiyə ilə belə davranırıq. Adam ən çox yaxın dostundan, qardaşından, ona yaxın olan insandan, millətdən və ölkədən umur, gözləyir. Başqaları ilə münasibətlərimiz yaxın qonşuluq münasibətləridir. Türkiyə ilə münasibətlər isə qardaşlıq və ondan da artıq münasibətlərdir.
Azərbaycanda Türkiyə bayrağına heç zaman həqarət olmayıb və Türkiyə bayrağı hər zaman Azərbaycan bayrağı ilə bərabər tutulub. Mən bu gün mətbuatda gedən “Türkiyə bayrağının endirilməsi” ifadəsinin özünü qəbul etmirəm. Bu yazıların mətbuatda getməsinə qətiyyən razı deyiləm, Azərbaycanda bayraq haqqında qanun var və o qanunun tələbləri bütün Azərbaycan ərazisində yerinə yetirilməlidir. Çox təəssüf ki, biz qanunlarımızın qəbul etdiyimiz andan tətbiqinə başlamırıq. Bəli, mən bu iradı qəbul edirəm. Gərək qanun qəbul edildiyi gündən biz bütün xarici bayraqlara eyni münasibəti sərgiləyəydik. Öz bayrağımız da həmçinin. Dediyiniz kimi, bu gün endirilən bayraqların içərisində Azərbaycan bayraqları da var. Onlar aidiyyəti, qanunda nəzərdə tutulmayan yerlərdə asılıbdır. Bəs onları kimin ayağına yazaq? Onlar üçün kimi ittiham edək? Mənə elə gəlir ki, özümüzü ittiham etməkdən daha çox bizi narahat edən məsələlərdə ümumi mövqe əldə edilməsinə çalışmalıyıq və biz bu münasibəti sərgiləməliyik.
Heç bir zaman Azərbaycanda antitürk təbliğatı olmayıb. Bu gün bunu istəyənlər, bunu arqument kimi əllərində rəhbər tutub müxtəlif siyasi ambisiyalarını yerinə yetirmək istəyənlər var. Bəli, biz onlara cavab verməliyik. Biz emosiyalara qapılmamalı, bu və ya digər təxribatlara getməməli, çox sanballı, düşünülmüş ardıcıl münasibət sərgiləməliyik. Bunu da Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan iqtidarı sərgiləyir və bu gün də Azərbaycan siyasətçiləri bu siyasətə uyğun fəaliyyət göstərməkdədirlər.
Rusiya ilə münasibətlərə gəldikdə isə nəzərinizə çatdırım ki, Rusiya ilə münasibətlərimiz əsrlərlə ölçülür. Biz öz yaxın, böyük qonşularımızın hər biri ilə bərabərhüquqlu, tarazlaşdırılmış, balanslaşdırılmış siyasət yeridirik. Rusiyaya qazı bu gün vermirik ki? Qaz neçə illərdir ki, Rusiya ərazisindən keçir, neft də o cümlədən. Eləcə də Türkiyə ərazisindən keçir. Biz onu ən müxtəlif istiqamətlərdə dünyada enerji təhlükəsizliyinin təminatına yönəldiriksə, bu bizim imkanlarımızın göstəricisidir və kiminsə qarşısında geri çəkilməyimizin, yaxud da kiməsə dirsək göstərməyimizin nəticəsi deyil. Ona görə də xahiş edirəm, özümüzdə narazılıq kompleksini bu qədər şişirtməyək. Gəlin, problemin üzərinə gedək və problemin həlli üçün ümumi mövqeləri müəyyənləşdirək. Xahiş edirəm, bu məsələləri parlament səviyyəsində qızışdırıb, düşmən dəyirmanına su tökməyək. Sağ olun.
Sədrlik edən. Sağ olun İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm, cənab Sədr. Mən öncə hörmətli və xətrini də istədiyim Aynur xanıma tövsiyə edərdim ki, Milli Məclisdəki çıxışlarında, heç olmasa, bir neçə cümlə də özünün bildiklərini səsləndirsin. Bilirsiniz ki, Ermənistan–Türkiyə sərhədlərinin açılmasına start verilən gündən indiyə qədər Müsavat Partiyasının məclisi və divanı bu məsələləri gündəlikdə saxlayıb. Dünən son olaraq divanın iclasında Azərbaycan və Türkiyə hökumətlərinə bu həssas məqamda ehtiyatlı olmaq, türk–Azərbaycan xalqları arasında münaqişə yaratmaq istəyən qüvvələrə imkan yaratmamaq tövsiyə edilib.
Cənab Sədr, əlbəttə, Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin hərəkətləri ilə bağlı çox danışılacaq və danışılıb. Ayın 15-i Bakının işğaldan azad olunması günüdür. Deputat qrupumuzun da mövqeyi bundan ibarətdir ki, belə bir dönəmdə bu münasibətlərin pisləşməsinə yönələn siyasətin qarşısını almaq üçün ayın 15 oktyabr Azərbaycan–Türkiyə dövlətlərinin dostluq günü elan olunsun. Mən hesab edirəm ki, bu, münasibətlərin normallaşdırılmasına Azərbaycan dövlətinin ən böyük töhfəsi olardı.
Cənab Sədr, Mərkəzi Seçki Komissiyası ayın 7-də bələdiyyə seçkilərinə start verib və bələdiyyə seçkilərinin vaxtını elan edib və Müsavat Partiyası da bu seçkilərdə iştirak etməklə bağlı qərar verib. Qərara müvafiq olaraq partiya rəhbərliyi MSK-nın və partiyanın təlimatlarını yerli təşkilatlarımıza vermək üçün rayonlara səfər etmək barədə qərar qəbul edib. Bu qərara müvafiq olaraq partiyanın başkan müavini Arif Hacılı ilə mən MSK-nın qərarından 24 saat sonra ayın 8-də Bərdə şəhərinə səfər etdik. Bərdə şəhərində qərargahımız olmadığından biz təşkilatımızın beş nəfər üzvü ilə birlikdə bir müvafiq yerdə, açıq havada oturub, bu məsələlər ətrafında fikir mübadiləsi etmək qərarına gəldik. Bu an 40-a yaxın mülki geyimli vətəndaş bizim oturduğumuz stola yaxınlaşdı. Təşkilatımızın rəhbərliyində təmsil olunanlar bildirdilər ki, bu, YAP-ın Bərdə şəhər təşkilatının sədridir, bu, bələdiyyə sədrinin müavinidir və sair. Adları ilə, ünvanları ilə dedilər. Mən YAP-ın Bərdə təşkilatının sədri Emin Cəlilova yaxınlaşdım və bildirdim ki, mən millət vəkiliyəm, buraya gəlməyimizin məqsədi, məramı budur və burada heç bir qeyri-qanuni hərəkətlərdən, çağırışlardan, belə deyək, toplantılardan söhbət gedə bilməz.
Sədrlik edən. Xahiş edirəm, vaxta diqqət edin. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Yəqin ki, bu gün gündəlikdə nəzərdə tutulmuş məsələlərlə əlaqədar çox ciddi müzakirələr olacaq. Amma eyni zamanda, Azərbaycan cəmiyyətini, sözün həqiqi mənasında, narahat edən məsələ ətrafında fikir mübadiləsinin aparılması da, yəqin ki, vacibdir.
Mən burada səsləndirilən o tənqidi fikirlə razılaşa bilmərəm ki, guya Azərbaycanın Milli Məclisi Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar həssas bir məsələyə münasibət bildirməkdə ləngliyə yol verir. Mən bu fikirlə tamamilə razı deyiləm. Azərbaycan Respublikasının Milli Məclisi, Milli Məclisin deputatları bu məsələ ilə əlaqədar eləyə biləcəkləri bütün işləri edirlər, etməkdədirlər və güman edirəm ki, bundan sonra da edəcəklər. Yəqin ki, görülməli ən vacib işlərdən biri də Azərbaycanın bir qrup millət vəkilinin Türkiyəyə səfər edərək Azərbaycan cəmiyyətini narahat edən məsələlər və arqumentlərlə əlaqədar lazım olan bütün informasiyaları və həqiqətləri Türkiyə ictimaiyyətinə və Türkiyənin rəsmi dairələrinə çatdırmaqdan ibarət idi ki, bunu da onlar çox uğurla, çox müvəffəqiyyətlə ediblər. Həm Türkiyə mətbuatında bu məsələyə geniş münasibətin bildirilməsi, həm də Azərbaycanda bu proseslərin diqqətlə izlənilməsi, belə hesab edirəm ki, Azərbaycan Milli Məclisinin bu məsələ ilə əlaqədar fəallıq nümayiş etdirməsini bilavasitə göstərir.
Digər bir tərəfdən, mən də o fikirlə razıyam ki, Azərbaycan—türk qardaşlığına hər hansı bir kampaniya ilə xələl gətirmək mümkün deyildir. Bu, iqtidarların, siyasi partiyaların dostluğu, qardaşlığı deyil, bu, soydan, kökdən, qandan gələn bir qardaşlıqdır ki, bunu nə iləsə aradan qaldırmaq və ona xələl gətirmək mümkün deyil.
Digər məsələ ondan ibarətdir ki, yəqin ki, Türkiyənin rəsmi dairələri Azərbaycanın maraqlarının qorunması ilə bağlı verdikləri sözlərinin üstündə dayanmaq iqtidarında olduqlarını nümayiş etdirə biləcəklər. Amma bu bir həqiqətdir ki, protokollar imzalandıqdan sonra verilən bəyanatlara Azərbaycan cəmiyyətində inam əhəmiyyətli dərəcədə azalıbdır. Əgər bu protokollar imzalanana qədər Türkiyənin bu istiqamətdə səyləri daha inandırıcı görünürdüsə, indi imzalanma mərasimindən sonra bu səylərin inandırıcı olması xeyli şübhəlidir. Mən inanmaq istəyirəm ki, türk və Azərbaycan cəmiyyətləri Azərbaycanın maraqlarını qorumaq istiqamətində öz səylərini bundan sonra da nümayiş etdirə biləcəklər. Əlbəttə, biz bu gün ona çalışmalıyıq ki, bizim birliyimiz, gücümüz zəifləməsin.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də burada səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm. Əvvəla, mən çox təəssüf edirəm ki, bizim bəzi millət vəkilləri, xüsusilə Cəmil müəllim belə həssas anlarda o saat başlayırlar ki, Azərbaycan mətbuatında antitürk təbliğatı gedir. Vallah, mən heç bir qəzetdə, heç bir mətbuat orqanında belə bir təbliğata rast gəlməmişəm. Yəni bunu camaata, rus demişkən, «Ð½Ð°Ð²Ñзывать» eləmək lazım deyil. Belə bir şey yoxdur. Sadəcə, insanlar deyirlər ki, Türkiyəni yönəldən şəxslər Azərbaycanın maraqlarının nəzərə alınmasında bir az diqqətli olsunlar. Məqsəd bundan ibarətdir. Bir xalqıq, bir millətik. Necə ola bilər ki, bir millət özünə qarşı hansısa bir hərəkətə yol versin. Ona görə mən xahiş edirəm ki, belə söhbətləri etməyək.
İkinci, burada bayraq məsələsi ilə bağlı söhbət qalxdı. Mən həmişə demişəm, bu gün də deyirəm, biz hüquqi dövlətdə yaşayırıq. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda qanun mövcuddur. “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Qanunumuz var. Qanunun 2-ci, 3-cü maddələrində bayraq harada asılmalıdır, harada yerləşdirilməlidir – hamısının siyahısı verilibdir. Azərbaycan dövləti də bizim qəbul etdiyimiz qanunu icra edib.
Bəs başqa vaxt bizə deyirsiniz, qanunu icra edin. İcra edəndə də başlayırsınız ki, niyə belə edirsiniz? Yeri gəlmişkən, o sizin dediyiniz yerdə asılan bayraqların yanında Azərbaycanın da bayrağı var idi. Biz həmişə özümüzü qoyub, nədənsə başqasının təəssübünü çəkməyə daha çox meyil edirik. Azərbaycanın bayrağı da endi, onu niyə demirsiniz? Futbol matçında Azərbaycan bayrağı təhqir olundu, onu niyə demirsiniz? Biz nədənsə özümüzü qorumağı bir kənara qoyuruq. Elə başqası yaxşı olsun. Əslində, başqası deyil, öz qardaşımız, öz dostumuzdur. Amma o bayraq orada təhqir olunanda, mən hesab elədim ki, Ziyafət Əsgərov təhqir olunub. Mən üzr istəyirəm, xalqın adından danışa bilmərəm, amma orada özümün təhqir olunmağımı hiss elədim. Çünki bayraq mənim qürur mənbəyimdir. Mənim bayrağım orada niyə təhqir olunmalıdır? Mənim dost dövlətimin Rusiya–Azərbaycan matçında üç yerdə yüksək səviyyədə bayrağı dalğalanıdı. Düz də edilmişdi. Heç FİFA demədi ki, o bayrağı niyə oradan asmısan? Necə olur, FİFA gəlir deyir ki, Azərbaycan bayrağını stadiona buraxılmamalıdır. Bizə də yox da. Axı, biz bunları bilirik. Belə şeylər etmək lazım deyil. Mən də o fikirlərlə tamamilə razıyam ki, Türkiyə–Azərbaycan dostluğu əbədidir, dönməzdir. Buna heç kimin şübhəsi olmasın. Bundan sui-istifadə edənlər tapılırsa, onların da cavabı veriləcək.
Məni narahat edən digər bir məsələ var. Nədənsə bu məsələ həmişə kölgədə qalır. 1992-ci ildə Minsk qrupunun həmsədrləri təsisatı yaradılıb. Burada Amerika Birləşmiş Ştatlarının nümayəndəsi oturub, mən xahiş edirəm, dediklərimi ona tərcümə edin, başa düşsün. Siz təsəvvür edin, 18 ildir, ATƏT-in Minsk qrupunun həmsədrləri turist kimi bölgəyə gəlib gedirlər. Ortada heç bir nəticə yoxdur. Amma Surixdə Türkiyə ilə Ermənistan arasında protokollar imzalananda xanım Klinton Vaşinqtondan, cənab Lavrov Moskvadan, cənab Kuşner Parisdən gəlib ora toplaşdılar. Mən həmsədr ölkələrin nazirlərindən soruşuram: sizə tapşırılan iş Surixdə imzalanan protokollara şahidlik eləməkdir, yoxsa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz missiyanızı yerinə yetirmək? Sizə bu tapşırılıb. Sizə tapşırılıb ki, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ məsələsində köməyinizi əsirgəməyin.
Mən hər üç nazirə sual verirəm ki, bir dəfə Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bir araya gəlmisinizmi? Bir dəfə Bakıya, İrəvana, Moskvaya yığışmısınızmı? Gəlmədiniz, indi xeyir ola, Surixdə protokol imzalanır, hamınız yığışmısınız ora ki, tez imzalayın. Orada da hələ bir 3 saat yubadırlar, hələ biri o birisinə deyir ki, “Edik, idi podpişi”. Əşi, bu “idi podpişi”ni sən Dağlıq Qarabağla bağlı da deməlisən. Sən Edikə “idi podpişi” deyə bilirsənsə, deməli, həm də Edikə deyə bilərsən ki, get, qoşunu Azərbaycandan çək. Deməli, sənin onlara təsirin var, sən bunu edə bilərsən. Bu ikili, üçlü, dördlü standartları elə edin ki, heç olmasa, hiss olunmasın. Belə hər şeyi açıb tökmüsünüz çölə, beynəlxalq hüququ lap biabır eləmisiniz.
Böyük dövlətlərin özlərinin davranışında bir tərbiyə olmalıdır. Hamı ona baxıb, nümunə götürməlidir. Bu gün böyük dövlətlərin davranışında üçlü, dördlü standartlar var. Maraqlarına uyğun olduğu üçün bu protokollar imzalanmalıdır. Amma o şeyi ki Minsk qrupuna tapşırıblar, qoyublar kənara. Göndəriblər üç nəfəri, bilmirəm, nə məzhəbə qulluq edirlər? Gəlirlər, yeyirlər, içirlər, çıxıb gedirlər. Çox üzr istəyirəm, bəlkə də mənə bu tərzdə danışmaq olmaz, amma bu cür münasibət də olmaz axı. Sənə tapşırılan işlə məşğul ol. Sənin orada nə işin var? Bu sənin işin deyil axı? Deməli, məlum olur ki, bəli, bu, onların marağında olan məsələdir.
Burada bizim hörmətli tarixçilərimiz əyləşiblər. Yaqub müəllim də, hüquqşünaslarımız da gözəl bilirlər ki, bu gün Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Ermənistanın Türkiyənin bir neçə vilayətinə iddiaları var. Bizim narahatlığımız bundan ibarətdir. Hörmətli dostlar, tutaq ki, sabah bu protokollar imzalandı, ratifikasiya olundu və sərhədlər açıldı. Bu erməni tayfası da elədir ki, gəlib həmin yerlərə məskunlaşacaqlar, onsuz da indi məskunlaşıblar. Cənab Ərdoğanın özü də qeyd elədi ki...
Y Mahmudov. (Eşidilmir.)
Z. Əsgərov. Bəli, tamamilə doğrudur, Yaqub müəllim, Mülkiyyət öz yerində, hələ mən onu bir kənara qoyuram. Gəlib həmin yerlərdə məskunlaşandan iki il, üç il sonra, Sabir müəllim, deyəcəklər ki, bura bizimdir. Buyur, ikinci Qarabağ. Bu, Türkiyəyə lazımdırmı? Bax, bizim narahatlığımız budur, Sabir müəllim. Biz bunu çatdırmaq istəyirik, Cəmil müəllim. Deyirik ki, hörmətli Türkiyə xalqı, ayıq olun, bunların onsuz da sizə ərazi iddiaları var. Bunlar heç vaxt genosiddən vaz keçən deyillər.
Görün, iş nə yerə gəlib çatıb ki, Sarkisyan oturur Yerevanda, deyir ki, Ermənistanın paytaxtı Türkiyə ərazisindədir. Bundan sonra futbol matçına gedir, orada da gözəl qonaqpərvərliklə qarşılanır və ilaxir, və sair. İndi özləri bilərlər, müstəqil dövlətdir, mən yenə deyirəm, o işə qarışmıram. Amma məsələ bundadır ki, axı, bu Türkiyəni nələrin gözlədiyini hamımız bilirik də. Siz də bilirsiniz, biz də bilirik. Mən yenə fikrimi ora gətirirəm ki, biz Minsk qrupunun həmsədrlərinə təzyiqimizi artırmalıyıq. Bilirsiniz, bu qədər gəlib-getmək, bu qədər mənasız danışıqlar olmaz. Mən yenə təkrar edirəm, protokolların imzalanması mərasimində Minsk qrupunun həmsədrləri bir daha göstərdilər ki, onlar Ermənistana çox asanlıqla təzyiq edə bilirlər və Dağlıq Qarabağ probleminin həll olunması da onların əlindədir. Çox asanlıqla buna kömək edə bilirlər, amma istəmirlər, çünki Dağlıq Qarabağ məsələsi ilə bizi həmişə təzyiq altında saxlamaq istəyirlər. Yox, əgər beynəlxalq hüquqdursa, gəlin, hamımız beynəlxalq hüquqa əməl edək. Yox, əgər beynəlxalq hüquq güc hüququdursa, bunu deyin camaat işini bilsin də. Bunu artıq deməyin vaxtıdır. Onsuz da biz bilir ki, beynəlxalq hüquq çoxdan güc hüququna keçibdir. Onsuz da beynəlxalq hüququ, üzr istəyirəm, heç saya salan yoxdur. Amma bu qədər ağ eləməyin, bunu görürlər axı. Sağ olun, təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Xahiş edirəm, Səməd Seyidov hesabat versin.
S. Seyidov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən, icazənizlə, həm Bahar xanıma, həm də Ziyafət müəllimə öz dərin minnətdarlığımı bildirməliyəm. Ona görə ki, mənim işimi xeyli yüngülləşdirdilər və faktiki olaraq, hesabat xarakterli çıxış edərək xeyli məsələlərə aydınlıq gətirdilər. Nümayəndə heyətinin – Türkiyəyə göndərilmiş on bir nəfər millət vəkilinin adından Oqtay müəllim, Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik ki, Siz bizim təşəbbüsümüzə tez, yerində münasibət bildirdiniz və nümayəndə heyətini formalaşdıraraq bu məsələlərə aydınlıq gətirmək, məsləhətləşmələr aparmaq üçün Türkiyəyə göndərdiniz. Sizə deyim ki, nümayəndə heyətinin Türkiyəyə getməsi və Türkiyədə ən yüksək səviyyədə məsləhətləşmələr, söhbətlər aparılması həm Azərbaycan, həm də Türkiyə üçün çox əhəmiyyətli və çox vacib idi. Bu missiya bizə xeyli vacib, əhəmiyyətli olan və bu gün aktuallığı ilə seçilən məlumatlar verdi.
İlk görüşlərimiz Türkiyənin iqtidar partiyasının nümayəndələri, partiya sədrinin müavinləri və başqa rəsmi şəxslərlə oldu. Mən birinci görüşdə əvvəllər Türkiyənin iqtisadiyyat naziri olmuş, bu gün isə AKP-nin xarici əlaqələr üzrə başkan yardımçısı hörmətli Kürşad bəyin dediyi sözləri sizə çatdırmaq istəyirəm. O dedi ki, protokolların imzalanmasından sonra onların ratifikasiya olunması kəndimizə böyük bir problem yaratmaqdır. Biz özümüz-özümüzə, yəni kəndimiz-kəndimizə düşmən deyilik ki, bu protokolları parlamentdə ratifikasiyadan keçirək.
Bu sözləri eşidərək həmin gün saat 2-də Türkiyənin çox hörmətli Baş bakanı cənab Ərdoğanla görüşə getdik. Nümayəndə heyətinin hər bir üzvü təsdiq edə bilər ki, həmin görüş zamanı hörmətli Baş bakan dəfələrlə bu protokolları Azərbaycanın Dağlıq Qarabağ probleminin həll olunmaması məsələsi ilə birbaşa bağladı. Bu məsələnin, yəni işğal altında olan torpaqlar azad olunanadək protokolların Türkiyə parlamentində ratifikasiya edilməsinin mümkünsüzlüyünü dəfələrlə vurğuladı. Bu bizim üçün çox vacib və əhəmiyyətlidir və biz buna inanmaq istəyirik. Bu məsələ bizim üçün çox vacib olduğundan, hesab edirəm ki, nümayəndə heyətinin hər bir üzvündə də buna inanmaq istəyi çox güclü, çox yüksək səviyyəli hisslərlə müşayiət olunurdu.
Bu görüşdən sonra nümayəndə heyəti Türkiyənin parlamentində oldu və TBMM-in Sədri bizi qəbul etdi. Mən o görüşdən də bir kəlməni sizin diqqətinizə çatdırmaq istəyirəm. Sədr bizimlə görüşdə qeyd etdi ki, bu protokollar mənə gələcək və mən onları Türkiyə Böyük Millət Məclisinin Dışişləri Komisyonuna, yəni Xarici işlər komissiyasına göndərəcəyəm. Siz bir anlığa təsəvvür edin ki, həmin komissiyada Türkiyənin millət vəkilləri yox, Azərbaycanın millət vəkilləri oturublar. Onlar hansı qərara səs verəcəklərsə, biz o qərarı qəbul edəcəyik. Təbii ki, bunlar bizim üçün çox vacib və əhəmiyyətli sözlər idi. Bu bizdə yaranmış və yaranmaqda olan inamı daha da gücləndirdi.
Bununla kifayətlənməyərək biz Türkiyə parlamentinin Xarici işlər komissiyasinda çox geniş və ətraflı görüş keçirdik. Tam səmimi deyim ki, o görüş o qədər də acan olmadı. Həmin görüşdə müxtəlif fikirlər səsləndi, protokollar ətrafında müzakirələr getdi. Onların imzalanıb-imzalanmaması, ratifikasiya olunması, lehimizə, əleyhimizə olması və sair barədə açıq və çox konkret söhbət aparıldı. Ancaq onu da deyim ki, hətta o komitənin protokolların mənfi tərəfini yox, müsbət tərəfini bizə təqdim etmək istəyən bəzi üzvləri də onların bu gün Türkiyə parlamentində ratifikasiya olunmasına şübhə ilə yanaşırdılar.
Təbii ki, biz görüşlərimizi Türkiyənin iqtidarı və rəsmiləri ilə məhdudlaşdırmadıq və nümayəndə heyəti olaraq Türkiyənin MHP, CHP və Böyük Birlik Partiyasının rəhbərləri ilə görüşlər keçirdik. Çox hörmətli millət vəkili Dəniz Baykalla, çox hörmətli Dövlət Baçalı ilə, Böyük Birlik Partiyasının başkanı ilə görüşlər keçirdik, onların bu protokolların parlamentdən keçməməsi istiqamətində fəaliyyət göstərmələri ilə bağlı birmənalı sözlərini eşitdik. Mən bu görüşlər haqqında çox danışa bilərəm. Ancaq bir şeyi demək istəyirəm ki, iqtidarda, müxalifətdə və Türkiyədə böyük nüfuza malik olan insanların hamısı bu protokolların parlamentdə ratifikasiya olunmaması ilə bağlı çox yüksək tribunadan sözlər dedilər.
Biz nəyə görə narahatlıq keçiririk? Mən bir daha həm Bahar xanıma, həm də Ziyafət müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm. Ona görə ki, nümayəndə heyəti bu səfər zamanı fərqli bir Türkiyə gördü. O fərqli Türkiyə nədən ibarətdir? O fərqli Türkiyə ondan ibarətdir ki, qardaşlıq haqqında söhbət edərək ermənilərlə protokollar imzalayır. İslam dəyərlərindən danışılır, Avropa dəyərləri gətirilir. On illərlə İsraillə yaxşı səviyyədə münasibətlər olduğu halda, Suriya ilə münasibətlər qurulur. PKK ilə müharibə aparılır, amma Avroviziyaya kürd dilində mahnı təqdim olunur. Yəni bu, fərqli bir Türkiyədir. Ancaq bilmək lazımdır ki, Azərbaycan da fərqli bir Azərbaycandır. Bu gün Azərbaycanın iqtisadiyyatı, dünyada apardığı siyasət, Azərbaycanın mədəniyyəti, idmanı və başqa sahələri, Azərbaycanın gücü, Azərbaycanın potensialı buna imkan verir.
Bu fərqli Türkiyəni və Azərbaycanı görən qüvvələr iki qardaş ölkənin arasına soxulub fəaliyyət göstərmək niyyətindədirlər. Elə olmasaydı, Türkiyənin aparıcı özəl kanallarında erməni lobbisinin və Ermənistanın təbliğatı aparılmazdı, Azərbaycana qarşı çıxışlar, fikirlər səslənməzdi. Elə olmasaydı, bizə Türkiyədə rəsmi səviyyədə deyilməzdi ki, biz özümüz ən güclü erməni lobbisinin Fransada, Amerika Birləşmiş Ştatlarında, Rusiyada olduğunu fikirləşirdik, amma əsla yox, ən güclü erməni lobbisi Türkiyənin içərisində, mediasındadır. Ancaq burada da bu məqamlar bəzi qüvvələr tərəfindən idarə olunur və bəzi qüvvələr Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək istəyirlər. Burada baş verən hadisələr də, misal, üçün, bəzi qüvvələr tərəfindən Türkiyənin rəmzlərinin yandırılması və digər addımlar Türkiyədə heç də yaxşı qarşılanmadı. Stadionda Azərbaycan bayrağına bu şəkildə münasibət bəsləmək də heç yaxşı qarşılanmadı.
Bir də təkrar edirəm ki, 11 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti bu səfərdə öz məsuliyyətini çox yüksək səviyyədə dərk etdi. Fürsətdən istifadə edərək nümayəndə heyətinin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Davranışlarında, çıxışlarında Türkiyə–Azərbaycan münasibətlərini ən yüksək səviyyədə saxlayaraq müasir Türkiyə–Azərbaycan münasibətləri, problemlər haqqında açıq, konkret şəkildə və yüksək səviyyədə görüşlər keçirdilər. Bəyəm bizə yalnız qardaşlıq haqqında söhbət etmək lazımdır, yoxsa konkret olaraq problemlərimizi, inkişafımızı və sair məsələləri müzakirə etmək? Hesab edirəm ki, buna nümunə Azərbaycan Respublikası Prezidentinin keçirdiyi müşavirədir. O müşavirədə konkret olaraq göstərildi ki, Azərbaycan–Türkiyə münasibətlərinə heç nə təsir göstərə bilməz, ancaq bu münasibətlər düzgün, obyektiv, ədalətli və müasir dünyanın tələblərinə cavab verən prinsiplər əsasında formalaşmalı, qurulmalıdır. Məhz nümayəndə heyəti də bu istiqamətdə fəaliyyət göstərib və bu gün qısa şəkildə sizə hesabat verir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, qədərincə danışdıq, müzakirə etdik. Artıq bir çox məsələlərə toxunmaq lazım deyil. Ancaq mən bir şeyə heyifsilənirəm ki, milli maraqların ən önəmli nöqtələrində yenə biz birləşməyi, öz milli qürurumuzu ələ almağı bir az bacarmırıq.
Bayraq haqqında çox danışıldı. Mən son dövrlərdə bütün saytlara, qəzetlərə baxıram və öz fikrimi demək istəyirəm. Kim Türkiyə–Azərbaycan birliyinə mane olmaq istəyirsə, onun ermənidən heç bir fərqi yoxdur. Onlar ermənilərdən də böyük təxribatçılardırlar. Bayraq məsələsi mənim də hissiyyatıma toxundu. Stadion 15 min bayraq tutmur. Deyildi ki, ora 15 min bayraqla gedilir. O bayraqlar yığılıb kənara qoyulsa idi, bu, başqa cür olardı. Ancaq onlar “WS” hərfləri yazılmış qabların içinə atılanda bu bizim hissiyyatımıza toxunur. Ziyafət müəllim dedi, həmin gün bizdə futbol başlayanda Türkiyənin bayrağı Azərbaycanın bayrağından yüksəkdə dalğalanırdı.
Bu məsələlərdə hərtərəfli təxribatçılar var. Türkiyədə ermənilərin sayı azərbaycanlılardan qat-qat çoxdur və təxribatla məşğul olan qüvvələr var. Mən sizin hamınızdan, eləcə də media nümayəndələrindən xahiş edirəm ki, bu məsələlərdə qızışdırıcı mövqe tutmaq lazım deyil. Elə parlamentin özündə də. Bir dəfə demişəm, yenə deyirəm, bütün iqtidarlar gəldi-gedərdir, xalqlar qalasıdır. Xalqlar arasına nifaq salanlar əsl düşməndirlər.
Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, cənab Prezident tərəfindən “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 12-ci maddələrinə əlavələr təklif olunur. Həmin qanun layihəsi və eyni zamanda, qüvvədə olan qanun sizdə var. Burada Daxili Qoşunların Hərbi Şurasının tərkibinin müəyyən edilməsindən söhbət gedir. Yəni orada hərbi şura, kollegial bir orqan yaranır və Hərbi şuranın tərkibinə daxili qoşunların komandanı (şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini – qərargah rəisi (şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil edilib. Bu dəyişiklik və əlavənin məğzi bundan ibarətdir. Olduqca lazımlı bir düzəlişdir, çünki məsələlərin kollegial həll olunmasından söhbət gedir. Biz də, əlbəttə, bunu alqışlayırıq. Xahiş edirəm, bu məsələni dəstəkləyəsiniz.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
Birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Danışmaq istəyən var. Vidadi müəllim, buyurun.
V. Məmmədov. Hörmətli sədarət, hörmətli deputatlar! Möhtərəm Prezidentimiz cənab İlham Əliyev milli ordumuzun, daxili qoşunların və sərhəd qoşunlarının vətənə xidmətini dəfələrlə yüksək qiymətləndirmişdir. Güclü dövlətin güclü ordusu olmalıdır. Ona görə də orduya dəstək olmaq ümumxalq işidir.
Ümummilli liderimiz 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət quruculuğunda xüsusi yeri olan ordu quruculuğu ilə ilk gündən məşğul olmağa başladı. Sabitliyin pozulduğu dövrdə, hər bir siyasi partiyanın və şəxslərin hərbi batalyonları olduğu vaxtda – həm də erməni təcavüzünə məruz qalan bir ölkədə tezliklə inam yaradaraq az bir müddətdə cəbhədə “Əliyev uğrunda” şüarları ilə hücuma keçən və uğurlar qazanan hərbiçiləri səfərbər etməyin nə qədər çətin iş olduğu hamıya məlumdur. Bunu yalnız müdrik siyasətçi, cəsarətli sərkərdə, xalqın inam və məhəbbətini qazanmış Heydər Əliyev təşkil edə bilərdi. Ordunun dövlətçiliyimizin qorunmasına, Ali baş komandana olan sədaqətli xidməti dəfələrlə öz təsdiqini tapmışdır. Milli ordumuz 1993–1994-cü illərdə erməni işğalçılarının hücumunun qarşısını cəsarətlə aldığına görə atəşkəsə nail olduq. Milli ordunu ulu öndər formalaşdırmış və bu səviyyəyə qaldırmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər an ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi, ordumuzun maddi-texniki bazasının, döyüş hazırlığının artırılması üçün müntəzəm tədbirlər həyata keçirərək ordu quruculuğunda şəxsən iştirak edir.
Hazırda Azərbaycan ordusu gündən-günə inkişaf edir. Ordunun təlim-texnika imkanları, döyüş qabiliyyəti, əhvali-ruhiyyəsi yüksək səviyyədədir. NATO standartlarına keçid sürətlə gedir. Azərbaycan Silahlı Qüvvələri 50 ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq edir. İndi orduda bütün sahələr üzrə kadrlar hazırlanır və onlar müxtəlif ölkələrin təcrübəsini öyrənir, döyüş taktikasını mənimsəyirlər.
Hər bir xalq və ya şəxs öz keçmişini unutmamalıdır. Keçmişini unudan gələcəyini qura bilməz. Yaxın keçmişdə orduda olan vəziyyət ölkənin bütün vətəndaşlarını narahat edirdi. Ölkədə olan silahlı dəstələr vətən torpağını qorumaq əvəzinə dinc əhalini narahat edir, silahlı əsgərlər küçə və bazarlarda gəzir, qarət və terrorla məşğul olurdular. Bəzi qüvvələr isə hakimiyyətə sahib olmaq üçün gecə-gündüz fikirləşir və başıpozuq silahlı dəstələrə təlimlər keçirdilər.
1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd zamanı silahlı qrupları ordumuzun necə tərk-silah etdiyinin canlı şahidləriyik. 1995-ci ilin mart hadisələrində ordunun Ali baş komandanın əmrini necə cəsarətlə yerinə yetirdiyini unutmaq olmaz. Yaxın tariximizdə neçə-neçə siyasətçilərin öz mövqelərini dəyişməsi, dövlət strukturlarında yüksək vəzifə tutan məmurların separat danışıqlara gedib dövlətçiliyimizə qarşı çıxmaları hamımızın yadındadır. Lakin 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd zamanı milli ordumuz və onun yüksək rütbəli zabitləri Ali baş komandana və dövlətçiliyimizə sədaqət nümayiş etdirərək qətiyyətlə bu cəhdlərin qarşısını aldılar. Ona görə mən bir vətəndaş və ziyalı kimi xahiş edirəm, yaxın keçmişi heç kim yadından çıxarmasın, müqəddəs saydığımız, etibar etdiyimiz və hər bir uğurlarımızın təminatçısı olan milli ordumuzun xidmətləri unudulmasın. Mən təqdim olunmuş qanun layihəsinin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Vidadi müəllim. Buyurun, Aydın müəllim.
A. Həsənov. Baxmışıq, bunu müzakirə etməyə ehtiyac yoxdur. Orada nə var? Bir əlavə var, bir də dəyişiklik. Bunu müzakirə etməyə nə ehtiyac var? Pənah müəllimdən də xahiş edirəm, müzakirəyə ehtiyac yoxdur. Səsə qoyaq.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – 2009-cu il iyunun 30-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verəcəkdir. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Həmin qanun layihəsi iyun ayının 30-da Milli Məclisdə müzakirə edilmişdir və Milli Məclisdə bu barədə təklif qəbul olunub qanun şəklində Prezidentə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalamadan 2009-cu il avqustun 14-də öz etirazı ilə birlikdə Milli Məclisə qaytarmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə əsaslanaraq Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu 2009-cu il avqustun 28-də Milli Məclisin İqtisadi siyasət komitəsinin rəyinə göndərmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə əlaqədar keçirilən iclasda aşağıdakı rəyə gəlmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun qəbul olunması əhalinin sosial müdafiəsini gücləndirmək, ölkədə işsizliyin səviyyəsini azaltmaq, miqrasiya proseslərini tənzimləmək, yüksək ixtisaslı kadr potensialından daha səmərəli istifadə etmək məqsədi daşımışdır. Lakin bu məqsədə inzibati üsullar, qadağalar yolu ilə deyil, iqtisadi təsir vasitələrindən istifadə etməklə nail olmaq lazımdır. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanuna etirazları haqlıdır.
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi rəyə gəlir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları qəbul olunmalıdır. Bu barədə qərar Milli Məclisin üzvlərinə təqdim edilmişdir. Mən xahiş edərdim ki, millət vəkilləri bizim bu qərara öz müsbət münasibətlərini bildirsinlər. Cənab Prezidentin bu qanunla əlaqədar dəyişikliklərə etirazı tamamilə uyğundur, doğrudur və biz də gələcəkdə bu istiqamətdə işimizi davam etdirəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən, əvvəla, çox istəyərdim ki, hörmətli Ziyad müəllim indi etirazla qarşılanan qanunun müəllifinin kim olduğunu desin. Bizim çox hörmətli alimlərimiz, o cümlədən hörmətli akademikimiz var. Bu məsələlərdə Azərbaycanın ən ciddi siyasətçiləri sayılan hörmətli Əli müəllim, Vahid müəllim və İqtisadiyyat komitəsinin digər üzvləri var. Qanun Azərbaycan Respublikası Konstitusiyasının azad sahibkarlıq haqqındakı müddəasına zidd olduğuna görə geri qaytarılıb. Bu fikir komitənin ikinci rəyində də təsdiqlənir.
Bu çox ciddi məsələdir. Belə çıxır ki, Milli Məclisin İqtisadi siyasət komitəsi Konstitusiyanın müddəasının əleyhinə gedərək nəinki sahibkarların azadlığını stimullaşdıran qanun layihələri üzərində işləyir, çalışır və yaxud bunların qəbul edilməsi üçün fəaliyyət göstərir, əksinə, azad sahibkarlıq haqqında Konstitusiya müddəasına zidd olan qanunvericilik təşəbbüsləri ilə çıxış edir. Bu məsələyə aydınlıq gətirilsin. Hesab edirəm, bu çox ciddi bir məsələdir və bunun üzərindən sadəcə ötüb keçmək olmaz. Bu məsələ Milli Məclis üçün həm də bir dərsdir. Oxşar qanunlar dəfələrlə buraya gəlibdir. Bir sıra hallarda Prezident Administrasiyasından göndərilibdir, bəzi hallarda isə yenə Prezident Administrasiyasının, icra hakimiyyətinin göstərişi ilə bizim komitələr tərəfindən irəli sürülübdür. Buna ehtiyatla yanaşmaq lazımdır. Yəqin ki, həmin qanun səs çoxluğu ilə keçib, bəlkə də əleyhinə səs verən olmayıbdır. İndi məlum olur ki, biz Konstitusiyaya zidd olan bir maddə ilə çıxış etmişik və azad sahibkarlığın da əleyhinə getmişik. Komitə buna görə cavab, izahat verməlidir, çünki buraya ikinci bir qanun layihəsi gəlir.
Dünən hörmətli Hadi müəllim televiziyada bütün Azərbaycan cəmiyyətini həyəcana gətirən bir məlumat verdi. Mənə onlarla zəng ediblər. İndi də bir dəstə kişi yığışıb komitədə Azərbaycan qadınlarının haqq və hüquqları üzərində iş açıblar. Onların pensiya yaşlarını 3 il artırırlar, minimum iş stajını 5 ildən 12 ilə qaldırırlar. Azərbaycanda dünya miqyasında görünməmiş bir hadisə baş verir, çoxuşaqlı ailə 3 uşağı olan yox, 5 uşağı olan ailə sayılacaq. Hadi müəllim də bunu sosial ədalət kimi təqdim edir. Guya Azərbaycan kişi və qadınları arasında sosial ədalət pozulacaqmış. Azərbaycan kişisinin borcudur öz anasını, bacısını, nənəsini saxlasın. Nə vaxta qədər Azərbaycan kişiləri Azərbaycan qadınlarının hüquqlarını tapdalayacaqlar? Bu antiinsani, antisosial məsələni burada qaldırırlar. Elə olmasın ki, Prezident tərəfindən buna da etiraz edilsin. Bunu diqqətinizə çatdırmaq istədim.
Nəhayət, çıxışımı yekunlaşdırıram. Azərbaycanın milli maraqları, Azərbaycanın dövlət maraqları bizim hamımız üçün bir nömrəli məsələdir. Buna heç bir şübhə ola bilməz. Siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətçiliyimizin maraqlarına uyğun gələn və bir nömrəli məsələmiz olan Qarabağ məsələsinin həllinə yönələn buradakı çıxışları, təklifləri, rəyləri biz də bölüşürük. Amma eyni zamanda, bir sıra məqamlarla bağlı xüsusi bir sənədlə çıxış etməyi lazım bilmədik.
Hörmətli Milli Məclisin Müsavat qrupu “Xarici bayraqlardan istifadə haqqında” Qanuna əlavə və dəyişikliklər təqdim edibdir. Bu gün Milli Məclisin Aparatında qeydə alınıbdır, mənim tərəfimdən təqdim edilibdir. Oraya, 2.5-ci maddəyə bir cümlə əlavə edilib. Həmin maddədə “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi digər yerlərdə” sözləri var. Yəni bu maddə ilə Prezident, yaxud Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti müstəsna hallarda bayraqların ucaldılmasına imkan verən bir qanunvericilik bazası əldə etmiş olur. Hörmətli Milli Məclisin rəhbərliyindən də xahiş edirik ki, bu məsələni müzakirə etsin. Başqa təşəbbüslər də mümkündür. Bunun qanunvericiliklə həlli mümkündür. Bir də diqqətinizə çatdırıram ki, fasilədə bizim brifinqimiz olacaq, maraqlananlar gələ bilərlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Sağ olun. Hörmətli sədarət, hörmətli deputatlar! Hazırda müzakirə etdiyimiz “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə cənab Prezident İlham Əliyev tərəfindən təklif olunan əlavəni mən dəstəkləyirəm. Cənab Prezidentin qanunun həmin maddəsi ilə bağlı təklifi ölkəmizdə, ilk növbədə, işsizliyin aradan qaldırılmasına xidmət edən təklifdir. Qanuna təklif olunan əlavədən də göründüyü kimi, təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının, səhmlərinin 51 faizdən çoxunun xarici vətəndaşlara və xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin nümayəndələri, onların müavinləri ölkəmizin vətəndaşları olmalı və onların namizədlikləri müvafiq dövlət orqanı ilə razılaşdırılmalıdır.
İkinci təklif isə təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının, səhmlərinin 51 faizdən çoxu xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin nümayəndəliklərinin ölkəmizdə konkret sahələrdə həyata keçirdikləri sahibkarlıq fəaliyyəti zamanı onların işçilərinin 90 faizi ölkə vətəndaşlarından olması tələbinin “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əlavə edilməsi haqqındadır.
Hər iki təklif ölkəmizin maraqlarına tam uyğundur. Cənab Prezidentin təklifləri qəbul edilərək “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 3-cü bəndində əlavə və dəyişiklik öz əksini tapmalıdır. Mən bu təklifi dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, etirazlar barədə qərar layihəsinə münasibətinizi bildirin. Üzr istəyirəm, burada Pənah bəyin sualları oldu, xahiş edirəm, həmin məsələlərə aydınlıq gətirilsin. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən çox təəssüf edirəm ki, Pənah bəy bu dəfə də emosional çıxışı ilə insanları çaşdırmaq istədi. Biz bu qanun layihəsi ilə bağlı təşəbbüsü irəli sürərkən dünyanın bir çox ölkələrində artıq qüvvədə olan və ölkənin milli maraqlarına cavab verən təcrübədən istifadə etmək istəyirdik. Bu təcrübənin də mahiyyəti ondan ibarətdir ki, hər bir, xüsusilə də inkişaf etməkdə olan ölkə milli iqtisadiyyatını inkişaf etdirmək, daxilində yerli kadrlardan, yerli əhalidən daha səmərəli istifadə etmək üçün imkanları genişləndirməlidir. Bu məqsədlə də “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna həmin maddələri əlavə etmək haqqında fikirləşdik.
Ulu öndər Heydər Əliyev neft kontraktlarının bağlanması ilə əlaqədar olaraq keçirilən iclaslarda dəfələrlə vurğulayıb ki, neft şirkətlərinin işçilərinin içərisində yerli vətəndaşlar çox olmalıdırlar.
Bu qanun layihəsi İqtisadi siyasət komitəsində müzakirə olunub. Qazaxıstan, Çin və digər ölkələrin təcrübəsi nəzərə alınıb, bu ölkələrdə də həmin məsələlər qanunlarla tənzimlənir. Biz təşəbbüslə çıxış etdik və bu təşəbbüs cəmiyyətdə yüksək səviyyədə qarşılandı. Etiraf edirik ki, biz bu qanun layihəsində maddələri müəyyənləşdirərkən, maddələrin məzmununu müəyyən edərkən inzibati amillərə daha çox üstünlük verdik. Xüsusilə də qanunun 3-cü maddəsində. Burada həmin filial və nümayəndəliklərin dövlət qeydiyyatına alınmasına yalnız onların rəhbərlərinin, müavinlərinin namizədliklərini razılaşdırdıqdan sonra yol verildiyi göstərilir. Bu, tamamilə uyğun gəlməyən cəhətdir. Mən Pənah bəyə Milli Məclisdə, Milli Məclisin üzvü kimi tam məsuliyyətlə deyirəm, vaxt gələcək, cənab Prezidentin təklifləri nəzərə alınmaqla bu qanuna yenidən baxılacaqdır. Amma burada Konstitusiyaya zidd heç bir müddəa yoxdur. Azad cəmiyyət qururuq, azad sahibkarlığı inkişaf etdiririk, amma yeri gəldikcə ölkənin milli maraqlarını, vətəndaşların əmək hüququnu qorumalıyıq. Ona görə mən deyilənlərlə qətiyyən razı deyiləm.
Milli Məclisin İqtisadi siyasət komitəsi alimlərlə, iqtisadçılarla, hörmətli Milli Məclisin peşəkar üzvləri ilə də məsləhətləşir. Yüzlərlə misallar var. Ayrı-ayrı ölkələrdə artıq kvotalar qoyurlar, həmin ölkələrə müəyyən ediləndən artıq xarici vətəndaş gələ bilməz. Milli iqtisadiyyatımızı inkişaf etdiririksə, yerli imkanlarımızdan səmərəli istifadə etməliyik. Mən bir daha Pənah bəyə bəyan edirəm ki, 1990-cı illərin əvvəlləri deyil. Azərbaycan açıq cəmiyyət qurur, amma açıq cəmiyyətin də həddi olmalıdır. Cənab Prezident də bizə tövsiyə edir ki, bu məsələlərdə inzibati yollara əl atmadan keçinmək lazımdır. Mən millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin (saat 13.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 2008-ci il dekabrın 30-da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə məsələ müzakirə olunmuşdu. Cənab Prezident bu qanunu imzaladıqdan sonra digər qanunlarda da həmin dəyişikliklərin nəzərə alınması zərurəti yaranmışdır. Söhbət “Standartlaşma haqqında”, “Reklam haqqında”, “Yol hərəkəti haqqında”, “İpoteka haqqında”, “Aviasiya haqqında” qanunlarda 2008-ci il dekabrın 30-da qəbul edilmiş dəyişikliklərin nəzərə alın masından gedir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirik.
Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dördüncü məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Yeri gəlmişkən deyim ki, bu qanun layihəsinə bir neçə komitədə baxılıbdır. Ziyad müəllim, əvvəlcə Sizdən başlayaq. Buyurun.
Z. Səmədzadə. Mən, deyəsən, səhv saldım. Mən bayaq bu haqda dedim. Hörmətli Ziyafət müəllim, “Dövlət rüsumu haqqında” Qanunda isə yalnız redaktə xarakterli düzəliş edilir. “Apellyasiya komissiyası” əvəzinə “apellyasiya şuraları” işlədilir.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli Qanunun tətbiqi ilə əlaqədar ölkənin bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsini təbii hesab edirəm və bu layihəyə səs verəcəyəm.
“Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı məni və seçicilərimi narahat edən bir sıra məsələləri nəzərinizə çatdırmaq istəyirəm. Hazırda qüvvədə olan qanunun 6.2-ci maddəsinə görə dövlət qeydiyyatına alınması ilə bağlı arayışların verilməsinə görə tutulan rüsumun 30 faizi miqdarında olan haqq sonradan qeydiyyat orqanlarına göndərilir. Bu məbləğ orada işləyən işçilərin əmək haqqının ödənilməsinə və digər xərclərə yönəldilir. Hamımıza bəllidir ki, qanunda göstərilən bu məbləğdən əlavə dövlət qeydiyyatına alınması üçün əhalidən xidmət haqqı adı ilə aşağı həddi 52 manat 50 qəpik olmaqla pul ödəmələrini tələb edirlər. Daha dəqiq desək, qeydiyyat orqanları dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə, çıxarışın verilməsinə və texniki sənədlərə görə aldıqları rüsumlarla yanaşı, “xidmət haqqı” adı ilə mülkiyyətçidən xeyli məbləğdə haqq alırlar. Məsələn, vətəndaşlar qeydiyyat orqanlarından 1 saylı forma alırlar. “Məhdudlaşdırma arayışı” deyilən həmin arayışın verilməsinə görə rüsumun alınması bu gün müzakirə etdiyimiz qanun layihəsində nəzərdə tutulub. İndiyə qədər bu arayışların verilməsinə görə hər bir mülkiyyət sahibi 10 manat dövlət büdcəsinə, 20 manat isə qeydiyyat orqanının hesabına olmaqla bir arayışa görə 2 rüsum köçürür.
Bilmək istəyirəm ki, yeni dəyişikliklərdən sonra bu uyğunsuzluq necə tənzimlənəcək? Mən bu rəqəmlərə təsadüfən toxunmuram. Bu gün məhz qeydiyyata sərf edilən xərclərin həddindən artıq yüksək olması səbəbindən rayonlarda fərdi yaşayış evlərinin və mənzillərin dövlət qeydiyyatına alınması ilə əlaqədar çox ciddi problem yaradılmışdır. Əslində, bu problem insanların ən ağrılı probleminə çevrilmişdir. Ölkənin bütün rayonlarında təxminən eyni vəziyyət olduğundan mən seçildiyim İmişli rayonundakı real vəziyyəti sizin nəzərinizə çatdırmaq istəyirəm.
İmişli rayonunda mövcud olan 16 min 734 fərdi yaşayış evinin, indiyə qədər 5 min 850-si, 1176 mənzilin isə cəmi 61-i qeydə alınmışdır. Belə çıxır ki, böyük bir rayonda mövcud olan fərdi evlərin indiyə qədər cəmi 35 faizi, mənzillərin, isə 51 faizi ancaq qeydiyyata alınmışdır. İnsanların mənzillərinin tikdirdikləri fərdi yaşayış evlərinin torpaq üzərində mülkiyyətə dair sənədi ala bilməmələrinin əsas səbəbi, qeyd etdiyim kimi, rüsumların çox yüksək olmasıdır.
Əhali 2009-cu ilin martına qədər rüsumların az olması səbəbindən bu qeydiyyata meyilli idi. Həmin dövrə qədər fərdi yaşayış evləri qeydə alınanda cəmi 11 manat dövlət rüsumu, yaşayış sahəsi 150 kvadratmetrə qədər evlərə isə 52 manat 50 qəpik miqdarında xidmət haqqı alınırdı. Mənzillərin dövlət qeydiyyatına alınmasında isə bu rəqəm müvafiq olaraq 11 manat və 29 manat təşkil edirdi. Başqa sözlə, insanlar fərdi yaşayış evlərinin qeydiyyata alınması üçün cəmi 63 manat 50 qəpik, mənzillərinin qeydə alınması üçün isə 39 manat rüsum verməli olurdular. Bu da insanları qeydiyyat prosesinə meyilləndirirdi. 2009-cu ilin may ayından isə qiymətlər birdən-birə ildırım surəti ilə yüksəldilmişdir. Məsələn, indi istər fərdi evlərin, istərsə də mənzillərin qeydiyyata alınması üçün əvvəlki 11 manatın əvəzinə vətəndaşlar 80 manat dövlət rüsumu ödəməlidirlər. Əvvəllər əgər 150 kvadratmetr yaşayış sahəsi üçün 52 manat 50 qəpik nəzərdə tutulurdusa, hazırda həmin məbləğ cəmi 100 kvadratmetr yaşayış sahəsi üçün nəzərdə tutulur. Beləliklə, 100 kvadratmetrdən artıq olan hər bir kvadrat metr üçün vətəndaşlardan əlavə 20 qəpik rüsum alınır. Daha dəqiq desək, indi fərdi evlərin dövlət qeydiyyatına alınması üçün sakinlər 180-200 manat, mənzillərin qeydə alınması üçün isə 130-150 manat dövlət rüsumu ödəməlidirlər.
Ən böyük ədalətsizlik isə dövlət rüsumlarının bütün mülkiyyət üçün eyni olmasıdır. Fikir verin, birotaqlı və yaxud üçotaqlı mənzili olan da 80 manat dövlət rüsumu ödəyir. Böyük villası olan və yaxud ayda böyük gəlir gətirən mağazasını dövlət qeydiyyatına aldırmaq istəyən vətəndaş da 80 manat dövlət rüsumu ödəməli olur. Saydığım bu rəqəmlər rəsmi rəqəmlərdir. Buraya sənədlərin hazırlanması üçün çəkilən xərci, eyni zamanda, məmurların aldıqları çox yüksək məbləğli rüşvəti də əlavə etsək... Ümumiyyətlə, yerlərdə belə fantastik rəqəmlər əmələ gəlmişdir. Yerlərdə ağır vəziyyətdə yaşayan və pensiya ilə dolanan adamlar özlərinin yaşadıqları fərdi evləri, yaxud da mənzilləri dövlət qeydiyyatına almaq imkanlarından tamamilə məhrum edilmişlər. Yerlərdə yaranmış bu acınacaqlı vəziyyət vətəndaşları addımbaşı rüşvət verməyə məcbur edir. Övlad həddi-buluğa çatır, şəxsiyyət vəsiqəsi götürmək lazımdır. Ancaq onun yaşadığı ev rəsmiyyətə salınmadığına görə, qeydiyyata alınmadığından valideyn bu problemi pasport şöbəsinə rüşvət verməklə həll edir. Yaxud da 25, 35, 50 yaşında vəsiqəni dəyişmək lazım olanda yenə də bu problem rüşvət verməklə həll olunur. Vətəndaş rayon yerində öz evinə qaz çəkdirmək istəyir. Lakin yaşadığı mənzili rəsmiləşdirməyibsə, yenə bu problemi rüşvət verməklə həll edir.
Hörmətli sədarət, hörmətli deputatlar! Mənim qaldırdığım bu məsələ ilk baxışda çox sadə görünsə də, əslində, rayon yerlərində ən ağrılı problemdir. Rayon yerlərində bu problemin həllinin sadə yolu rüsumların azaldılmasıdır. Çıxışımın əvvəlində dediyim kimi, daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı, həmçinin çıxarışın və texniki sənədlərin verilməsi üçün rüsumların alınmasını təbii hesab edirəm. Ancaq bu rüsumlar süni şəkildə şişirdilməməli, əksər hissəsi ağır vəziyyətdə yaşayan, pensiya ilə dolanan insanların büdcəsinə uyğun olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, İltizam müəllim. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İltizam müəllim çox maraqlı bir məsələyə toxundu. Mən bir komitə sədri kimi komitənin üzvləri ilə bu məsələni müvafiq orqanların iştirakı ilə araşdırarıq və gələcək tədbirlərdə nəzərə alınması barədə fikir yürüdərik. Mən tamamilə razıyam ki, qaldırılan məsələlər maraqlıdır, müzakirə üçün yer var. Maliyyə Nazirliyi ilə və digər orqanlarla biz bu məsələni araşdırarıq.
Sədrlik edən. Dördüncü məsələni biz səsə qoyduq, amma lazım gəlsə, bir də səsə qoya bilərik. Əgər hörmətli Eldar müəllimin, hörmətli Əli müəllimin və hörmətli Hadi müəllimin fikirləri yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qalsın qüvvədə, Buyurun, 3-cü məsələyə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Mən bayaq Ziyad müəllimdən xahiş etdim ki, biz məsələləri ardıcıllıqla səsə qoyaq. Ümumi şöbə məndən xahiş edir ki, səsvermə ardıcıllıqla olmayanda onların bütün işləri pozulur. Xahiş edirəm, 4-cü məsələyə bir də münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, beşinci məsələ Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, əsasən, dörd qanuna dəyişik-liklər edilir. 3 paket məsələlərdir. Burada həkimlərin və orta tibb işçilərinin 5 ildə bir dəfə sertifikat almaq məsələsi qoyulur. Həmin şəxslər ixtisaslarını mütləq artırmalıdırlar. Bu, insanların sağlamlığının qorunmasına xidmət edən çox önəmli bir addımdır. Birinci paket məsələlər sertifikatlaşma ilə bağlıdır. Həkimlər, mütəxəssislər mütləq sertifikat almalı, kurslar keçməlidirlər.
Bununla bağlı, eyni zamanda, bir neçə qanuna əlavələr və dəyişikliklər edilib. Birincisi Əmək Məcəlləsidir. Əmək Məcəlləsində bu kursları keçməyən, sertifikat almayan həkimlərin həkimlik hüququ, yəni həkim kimi çalışmaq hüququ məhdudlaşdırılır.
Digər bir düzəliş özəl tibb fəaliyyəti ilə bağlıdır. Bununla bağlı dəyişikliklər edilib. Eyni zamanda, “Dərman vasitələri haqqında” Qanuna da həmin sertifikatlaşma ilə bağlı olaraq əlavələr və dəyişikliklər edilib. Bütövlükdə son nəticədə bu düzəlişlər əhalinin sağlamlığının daha da yaxşı qorunmasına xidmət edir. Xahiş edirəm, səs verin.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Çıxış etmək istəyənlər var. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar! Ölkənin səhiyyəsindəki hazırkı ağır durum bu sahədə ardıcıl tədbirlər keçirilməsini, o cümlədən səhiyyəyə dair mövcud qanunvericilik aktlarının bazasının təkmilləşdirilməsini tələb edir. Bu mənada əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkənin bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında layihələrimizin Milli Məclisin müzakirəsinə çıxarılması başa düşüləndir. Ancaq hesab edirəm ki, bu layihələr səhiyyənin mövcud problemlərinin aradan qaldırılmasına, əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət etməlidir. Təəssüflər olsun ki, bu gün müzakirəmizə verilən layihənin qəbul olunması qeyd edilən vəzifələri yerinə yetirmək əvəzinə səhiyyədə daha ciddi problemlərin yaranması ilə nəticələnəcəkdir.
Səhiyyədə rüşvətin qarşısını almaq üçün verilən məlum sərəncamın törətdiyi nəticəni unutmamalıyıq. Tibb müəssisələrində yaranmış real vəziyyət nəzərə alınmadan verilən və tibbi xidmət müqabilində xəstələrdən alınan rüşvətin qarşısının alınmasına hesablanan sərəncam əks effekt verdi. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək əvəzinə, əksinə, rüşvətin artırılmasına xidmət etdi. Az məvacib alan, lakin yaşamaq üçün rüşvət alarlarsa, həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan həkimlər məlum sərəncamdan sonra xəstələrə baxmaqdan, sadəcə olaraq, imtina etdilər. Xəstələr bir müddət həkimsiz qaldılar. Son nəticədə ümidsiz qalan xəstələr rüşvəti bir qədər də artırmaq hesabına həkim nəzarəti əldə etdilər. Təkcə bu fakt sübut edir ki, inzibati yollarla səhiyyə xidmətinin səviyyəsini qaldırmaq ancaq uğursuzluğa məhkumdur. Hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan layihə də zahirən inzibati yollarla səhiyyənin problemlərinin aradan qaldırılmasını nəzərdə tutsa da, əslində, bir qrup insanların mənafeyinə xidmət edəcək rüşvət tələsidir.
Müzakirə etdiyimiz bu layihənin nüvəsini “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən 49.1-ci əlavə təşkil edir. Bu əlavədən aydın olur ki, sertifikasiyadan keçməyən şəxslərin praktiki tibbi fəaliyyətə buraxılmasına icazə verilmir. Əvvəla, mənim üçün aydın deyildir ki, sertifikasiya həkimin fəaliyyət göstərdiyi ixtisas üzrə aparılacaq, yoxsa ümumi tibbi biliklər üzrə? İnstitut illərində həkim ixtisasdan əlavə fənləri öyrənsə də, praktik fəaliyyətində, adətən, öz ixtisası üzrə ədəbiyyat oxuyub biliklərini təkmilləşdirdiyindən əksər hallarda ixtisasdan kənar fənlərdən uzaqda qalır. Bu səbəbdən, fikrimcə, sertifikasiyanın ümumi tibbi biliklər üzrə aparılması 15–20 il öz ixtisası üzrə işləyən təcrübəli, savadlı həkimlərin xeyli hissəsinin praktiki tibbi fəaliyyətdən kənarda qalması və ya bu rüşvət hesabına öz iş yerində saxlanılması ilə nəticələnəcəkdir.
İkincisi, mənim üçün aydın deyildir ki, bu sertifikasiya niyə institutu qurtarıb bir müddət işlədikdən sonra bir dəfə deyil, dövri olaraq hər 5 ildən bir keçirilməlidir? Azərbaycan reallığını nəzərə alsaq, layihə qəbul olunarsa, əminəm ki, qanunun bu maddəsi bəlkə də ən işlək maddə olacaqdır. Ancaq işləyən bu maddə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək əvəzinə səhiyyə müəssisələrində həkimlərin və orta ixtisaslı tibb işçilərinin iş yerlərində ancaq rüşvət hesabına saxlanılmasını bir növ qanuni hala salacaqdır.
Əlavənin 7-ci hissəsi vardır. Burada yazılıb: “Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər”. Təkcə bu maddənin qanunda saxlanılması həkimlərdən və tibb işçilərindən hər 5 ildən bir külli miqdarda pul toplanması ilə nəticələnəcəkdir. Bu isə öz növbəsində xəstə vətəndaşların büdcəsi hesabını başa gələcəkdir.
Hesab edirəm ki, bu layihənin qəbul edilməsi səhiyyə sistemində daha ciddi problemlərin başlanğıcını qoyacaqdır. Bəlkə də həkimlər və tibb işçiləri üçün bu sertifikasiyanın cəmi bir dəfə, əczaçılar üçün isə 5 ildən bir təyin edilməsi nəzərdə tutulsa idi bunu başa düşmək olardı. Ancaq həkimlər və orta tibb işçiləri üçün hər 5 ildən bir sertifikasiyanın keçirilməsi həkim və tibb işçilərini səhiyyə müəssisə rəhbərlərindən tam asılı vəziyyətə salmaqla xəstə vətəndaşlardan tibbi xidmət müqabilində alınan rüşvəti daha da artıracaqdır. Daha dəqiq desək, fikrimcə, bu layihə ölkədə əhalinin sağlamlığının qorunmasından daha çox rüşvətə rəvac verəcəkdir. Ona görə də mən bu layihənin əleyhinə səs verəcəyəm.
Sədrlik edən. Gövhər xanım Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Təəssüf ki, məndən öncə danışan İltizam müəllimlə heç cür razılaşa bilmirəm. Deyir ki, nəyə görə sertifikasiya bir dəfə yox, 5 ildən bir keçirilməlidir? Çünki tibb inkişaf edir, dərmanlar, müalicə metodları təzələnir. Mütləq hər hansı sahədə olmasa da, tibb sahəsində 5 ildən bir sertifikasıya olmalıdır. Bu insanlar müəyyən kurslar, təkmilləşdirmə keçirlər, yeni dərman vasitələri ilə yeni müalicə metodları ilə tanış olurlar. İndiki şəraitdə bunsuz müalicə etmək mümkün deyil. Əks halda biz keçmişdə qalacağıq və müasir tibbin nailiyyətlərindən istifadə edə bilməyəcəyik. Mən çox təəssüf edirəm ki, bax, bu məqamı hörmətli həmkarım tutmayıbdır.
Ümumiyyətlə, mən təklif olunan əlavələr və dəyişiklikləri çox müsbət qəbul edirəm. Ölkədə tibb sahəsində son illər çox böyük nailiyyətlər əldə olunubdur, çox böyük müsbət dəyişikliklər baş veribdir. Yeni sağlamlıq mərkəzləri, diaqnostika mərkəzləri tikilir, regionlarda, həm də Bakı şəhərində mütəmadi olaraq səhiyyə müəssisələrində təmir aparılır, yeni tibbi avadanlıqlar alınır. Mən tibb sahəsi ilə yaxından tanış olan adamam. İnsanlar indi xəstəxanalardan çox razı çıxırlar. Məsələn, 6–7 il bundan əvvəl dərman vasitələri kifayət qədər deyildi. Xəstə artıq öz vəsaiti hesabına, demək olar ki, dərman almalı olmur, ona xəstəxanada dərmanlar tam verilir. Sonra, xəstələrin yeməklə təmin edilməsi indi çox yüksək səviyyədə həyata keçirilir. Müalicəyə tələbkarlıq artıbdır, ümumiyyətlə, bu sistemə nəzarət çox gücləndirilibdir. Mən də bunu ölkədə aparılan müsbət dəyişikliklərin bir hissəsi hesab edirəm. Xüsusən cənab nazir Oqtay Şirəliyevin bu sahədə apardığı böyük işlərin nəticəsi kimi qəbul edirəm. Mən bu dəyişikliklərin lehinə səs verəcəyəm.
Bütün bu dəyişikliklər səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəlibdir. Burada üç qanuna və Əmək Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunur. Mənim kiçik qeydim var, hörmətli Ziyafət müəllim, o da Əmək Məcəlləsinə aiddir. Təklif olunan maddə 67-1 maddəsidir. Mən buradakı bütün müddəalarla tam razıyam. Bunlar bayaq dediyim məqsədə xidmət edir. Burada yalnız bir balaca narahatlıq doğuran məsələ nədir? Bu maddənin ikinci hissəsində deyilir: “Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir”. Bu başa düşüləndir. Bizim Əmək Məcəlləsində hamilə qadınlara, uşaqları üç yaşınadək olan qadınlara müəyyən güzəştlər nəzərdə tutulub və mütləq tutulmalıdır.
Məndə narahatlıq doğuran məsələ budur ki, həmin insanlar yenə də xəstələrlə işləyəcək, onların sağlamlığını qorumalı olacaqlar. Gənc ailələrdə dalbadal uşaq olur. Qadın təxminən 6 il işləmir. 6 ildən sonra işə çıxır. Axı, o, bildiyini unudur, yəni kvalifikasiyası çox zəifləyir. İndi, tutalım, bu hallar mən işlədiyim Şərqşünaslıq İnstitutunda baş verir. Onlar müəyyən müddət elmi cəhətdən axsayırlar, biz onlara hörmət edirik, vaxt veririk ki, müəyyən müddətə kvalifikasiyalarını bərpa etsinlər. Amma tibb sahəsində bu, təhlükəlidir, çünki onlar bilavasitə insanlarla, onların sağlamlığı ilə işləyirlər. İnsanların sağlamlığına bu mütəxəssislər tərəfindən hər hansı bir zədə dəyə bilər. Mən təklif edərdim ki, bu məsələ hər hansı bir daxili nizamnamə ilə, hüquq norması ilə tənzimlənsin. Yəni sertifikasiya olunmamış əməkdaşlar işdən kənarlaşdırılmasınlar, onlara bir zaman kəsiyində müəyyən məhdudiyyət qoyulsun. Həmin zaman kəsiyindən, öz kvalifikasiyalarını bərpa edəndən, təkmilləşəndən, onlar sertifikasiyadan keçiriləndən sonra onlara xəstələri müalicə etmək imkanı verilsin. Bu çox vacibdir. Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Təkid edənlər varmı? Bir həkimimiz də var, professor da, danışsın. Yaxşı, aydındır, onda qayda ilə gedirik. Amma bir xahişim var. Bizim gündəlikdə xeyli məsələlər var, bir az operativ olaq. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gövhər xanım həkim olmasa da çox yaxşı danışdı. Görünür, həkimlərlə əlaqəsi çoxdur, qardaş-bacıları həkimdirlər. Ona görə də çox gözəl danışdı.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavələr və dəyişikliklər çox düzgün və lazımlıdır. Qanunun 46-cı maddəsində qeyd olunur ki, ali və orta tibbi təhsil almış şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya olunduqdan sonra praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu çox yaxşı.
Hal-hazırda tibb aləmindən, ümumiyyətlə, xəbəri olmayan adamlar telekanallarda özlərini reklam edərək praktik tibb fəaliyyəti ilə məşğul olurlar. Bu da arzuolunmaz nəticələrə gətirib çıxarır. Azərbaycanın hər bölgəsində qurulan diaqnostika mərkəzləri səhiyyənin inkişafına dəlalət edir. Amma bir məsələni nəzərə almaq lazımdır. Azərbaycan müstəqil dövlət kimi 16 ildir mövcuddur. Azərbaycanı Qərb və başqa Avropa dövlətləri ilə müqayisə etmək hələ çox tezdir. Sonra Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilən şəxslərin dövlət reyestri aparılır. Bu da çox gözəl məsələdir.
47-ci maddədə səhiyyə mütəxəssislərinin peşə seçmə hüququ qeyd olunur. Təklif olunur ki, respublikanın ali məktəblərində tibb və əczaçılıq təhsili almış şəxslər könüllülük əsasında müvafiq tədris və ya elmi müəssisələrə qəbul edilərək müvafiq peşə hazırlığını artıra bilərlər. Mən burada təklif edirəm ki, “həkimin və ya əczaçının qurtardığı fakültəyə uyğun olaraq peşə hazırlığını artıra bilər” sözləri yazılsın. Çünki sonradan tibbi profilaktika və ya bizim dediyimiz kimi, “sənədlər fakültəsi”ni bitirən şəxslər də müalicə həkimi işləmək həvəsinə düşə bilərlər və bu da yolverilməzdir.
48-ci maddədə qeyd olunur ki, səhiyyə ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq tədris müəssisələrində peşə hazırlığı keçdikdən və sertifikasiya olunduqdan sonra yol verilir. Mən buraya “müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyinin göndərişi ilə müvafiq tədris müəssisələrində peşə hazırlığı keçdikdən və sertifikasiya olunduqdan sonra yol verilir” sözlərinin yazılmasını təklif edirəm. Sertifikasiya olunmaq çox vacib məsələdir. Həkim öz biliyini, savadını sertifikasiya ilə təsdiq etməlidir, ondan sonra da gedib həkimlik etməlidir. Özəl tibb müəssisələrində də işləyənlər hamısı yenə də tədrisə və sertifikasiyaya cəlb olunmalıdırlar. Qeyd etmək istərdim ki, qanuna edilən əlavə və dəyişikliklərin hamısı mütərəqqidir. Mən bu əlavə və dəyişikliklərin hamısına səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, professor, təşəkkür edirəm. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mən də çıxışımın əvvəlində Azərbaycanın səhiyyəsi haqqında bir neçə kəlmə demək istərdim. Mən özüm deputat olaraq mərkəzi rayon xəstəxanasında öz həkimlik fəaliyyətimi qismən davam etdirirəm. Ona görə səhiyyənin faktiki vəziyyəti haqqında, doğrudan da, məlumatlıyam. Səhiyyədə son illər çox böyük dəyişikliklər olubdur. Rayonumuzda diaqnostika mərkəzi istifadəyə verilib. Bir çox yerlərdə diaqnostika mərkəzləri istifadəyə verilib və tam gücü ilə işləmir. Ancaq bizim Zaqatalada diaqnostika mərkəzi tam gücü ilə işləyir, yəni bunu Zaqatalaya şamil etmək olmaz, harada isə bəlkə də işləmir, ancaq bizdə işləyir. Eyni zamanda, mən işlədiyim mərkəzi rayon xəstəxanası son iki il ərzində əsaslı təmir edilib və bütün lazımi avadanlıqla təchiz olunubdur.
Səhiyyənin, sözsüz ki, problemləri var. Səhiyyənin problemlərini həll etmək üçün, yəqin ki, səhiyyə işçilərinin maaşlarını artırmaq lazımdır. Bununla bir çox problemimiz həll olunacaq. Bununla belə vaxtım az olduğuna görə bir maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu, 47-ci maddədir. Maddənin adı belədir: “Səhiyyə mütəxəssislərinin peşə seçmə hüququ”, fikir verin, maddənin adında peşə seçmə hüququndan bəhs edilir, ancaq maddənin içində seçməkdən söhbət getmir, ixtisası artırmaqdan söhbət gedir. Ümumiyyətlə, səhiyyə işçisinin bitirdiyi fakültəyə uyğun olaraq istədiyi vaxt ixtisasını dəyişmək hüququ olmalıdır. Təsəvvür edin ki, bu gün tibb institutuna daxil olan hər hansı bir gənc cərrah olmaq istəyir. Ancaq 7 ildən sonra institutu bitirərkən onun cərrah olub-olmaması qiymətləri ilə müəyyənləşdiriləcək. Yeddi-səkkiz dənə “4”-ü varsa, o, artıq cərrah ola bilməz. Bu arzu ilə instituta girən tələbə birinci kursda kimyadan, ya fizikadan və ya tarixdən “3” alıbsa, deməli, elə birinci kursda aydın olur ki, o, 7 il oxuyandan sonra cərrah ola bilməz. Bu, haqsızlıqdır. Digər tərəfdən, təsəvvür edin ki, cərrah arzusu ilə yüksək nəticə göstərərək institutu bitirib, cərrah ixtisasını seçib. Ancaq cərrahlıq müəyyən qədər də əl işidir. Çox bilikli tələbədir, institutu çox yaxşı bitirib, ancaq işlədikcə görür ki, əli lazımi səviyyədə işləmir, yəni istədiyi səviyyədə cərrah ola bilmir. O, ixtisasını dəyişib, terapevt olmaq istəyir. Nə üçün belə məsələlərə məhdudiyyət qoymalıyıq? Mən hesab edirəm, mütləq əlavə olunmalıdır ki, həkim istədiyi vaxt ixtisasını dəyişə bilər. Sözsüz ki, hər bir həkimin buna ixtiyarı var. Mən bunu çox vacib hesab edirəm.
Digər tərəfdən, bir məsələni də deyim. Təsəvvür edin ki, bu adam cərrah işləyir. Bir-iki il işləyəndən sonra, tutaq ki, onun əli iflic oldu. Neyləməlidir? Deməli, bundan sonra o, həkim işləməməlidir? Mənə elə gəlir ki, istədiyi vaxt ixtisasını dəyişə bilər, buna həkimin qanuni hüququ olmalıdır.
Digər bir məsələ ilə bağlı fikrimi demək istəyirəm. Mən hesab edirəm, attestasiya olunmayan işçilər var. Mən elə bilirəm ki, bu maddə bir qədər düz deyil. Hər bir səhiyyə işçisi attestasiya olunmalıdır. İnsanın xırda uşağının və ya hamilə olması, ya Vətən müharibəsində iştirak etməsi onu həkimlik fəaliyyətində buraxdığı səhvlərdən sığortalamamalıdır. O, attestasiyanı mütləq keçməlidir. Ola bilər ki, attestasiya müddəti müəyyən qədər sonraya salınsın. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hikmət müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Çox sağ olun, Ziyafət müəllim. Mən ilk növbədə qanun layihəsinə səs verəcəyəm. Vacib və zəruri dəyişikliklərdir. Bir iradımı bildirmək istəyirəm. Əhalinin sağlamlığından vacib nə ola bilər? Biz Əliqulular kəndinin adını dəyişməsək də olar, bundan əhali o qədər də ziyan çəkməz. Amma əhalinin sağlamlığı ilə bağlı deyirsiniz ki, vaxtımız yoxdur. Vaxtımız yoxdursa, əhalinin sağlamlığının qorunması ilə necə məşğul ola bilərik? Bu baxımdan da mən hesab edirəm ki, lazım olan qanun layihələri verilib. Bunun daha geniş şəkildə tətbiqi və həyata keçirilməsi çox vacib məsələdir.
Burada həmkarlarımız səhiyyə, səhiyyə obyektləri haqqında qeydlərini dedilər. Doğrudan da, Azərbaycanda son dövrlər böyük, yaraşıqlı, müasir cihazlarla təmin olunmuş səhiyyə obyektləri tikilib, istifadəyə verilib və burada çalışan həkimlərimiz də məhz həmin texnikaya uyğun olmalıdırlar. Təbii ki, bunların hamısı başlanğıcı elmdən, təhsildən götürür. Mən hesab edirəm ki, tək səhiyyə ilə əlaqədar yox, bütün sahələrdə artıq 1950–1960-cı illərin tədrisindən uzaqlaşmaq lazımdır. Auditoriyaya girirsən, müəllim 30 il bundan qabaq yazdığı leksiyanı birnəfəsə oxuyub çıxır gedir. Müasir dövr inkişaf edir və bu proseslər gedir, davam edir. Yeni dərs vəsaiti, yeni yanaşma metodu olmalıdır. Onda tələbə də yaxşı qavrayacaq. Tələbə müxtəlif ölkələrin saytlarına girir, baxır ki, elmdə, səhiyyədə yeniliklər var, müəllimin isə bunlardan xəbəri yoxdur. Bəzi xəstəliklərdən xəbəri yoxdur. Türkiyənin təcrübəsindən öyrənək, orada həkimləri ildə bir dəfə iki ay müddətinə kurs artırmağa göndərirlər. Onlar Amerikaya, Almaniyaya və ya başqa xəstəxanalara gedib kurs artırır, gəlib imtahan verirlər. Müasir dövrdə tibb çox inkişaf edir. Digər elmlər də sürətlə inkişaf edir. Hər gün hər bir xəstəliyin yeni formaları və onun müalicə üsulları ortaya çıxır. Kimsə dədə-baba qaydası ilə, Pərinisə xalanın banka qoyub, qan alması metodu ilə xəstəni sağaltmaq fikrindədirsə, belə adamlar səhiyyədən uzaqlaşdırılmalıdırlar və onların işləməyə mənəvi haqqı da yoxdur.
İkincisi, onların əmək haqqı ilə bağlı fikir də söylənildi. Mən də razıyam, əmək haqqı azdır. Amma bu gün Amerika ilə Azərbaycanı müqayisə etsək, görərik ki, burada tibb işçilərinin sayı Amerika Birləşmiş Ştatlarının tibb işçilərinin sayından çoxdur. Neçə milyon əhali Amerika Birləşmiş Ştatlarındadır, nə qədər Azərbaycandadır? Bir həkimin yerində 4 həkim işləyir. İki saat necə işləyib təhsilini artıra bilər? Səhiyyə obyektlərində islahatlar getdi. Qabiliyyətli həkimi bütün Azərbaycan tanıyır. Deyirlər ki, filan həkimin yanına gedirik, filan həkimdə müayinədən keçəcəyik. Ola bilər ki, həmin ixtisas üzrə 100 adam çalışır, amma hamı bilir ki, filankəs daha yaxşı işləyir, daha savadlı həkimdir.
Biz qanun layihəsində bu məsələləri xüsusilə nəzərə almalıyıq. Əlavələrin daha sərt metodunu qoymalıyıq. İki sahə insanla məşğuldur, biri həkimdir, insanın səhhəti ilə məşğuldur, biri də hüquqşünas, insanın taleyi ilə məşğuldur. Müəllim də insanın təlim-tərbiyəsi ilə məşğul olur. Bu məsələ də ola bilər. Amma ən əsas odur ki, tale və səhhətlə məşğul olan insanlar yerlərində olsunlar. Onlar yerlərində olanda cəmiyyət də inkişaf edir, həyat şəraiti də yaxşı olur və ədalət də zəfər çalır. Hesab edirəm, bu dəyişikliklərə səs verərək qanunu daha da ciddiləşdirək.
Sədrlik edən. Sağ olun. Doğrudan da, mütəxəssis kimi danışdınız, Sizin bu çıxışınızdan sonra iclasda ab-hava yüksəldi. Aydın müəllim, təkid edirsinizsə, buyurun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm. Bu, sadəcə, düzəliş deyil. Bu hər birimizin, ailəmizin, uşaqlarımızın, gələcəyimizin sağlamlığını qoruyan bir sipərdir və biz buna barmaqarası baxmamalıyıq. Həqiqətən də, uzun müddət işləməmiş həkimlərin sertifikasiya olunması, həkimliklə, əczaçılıqla məşğul olan insanların reyestrinin aparılması vacib məsələdir. Nəzərə alsaq ki, bu gün ölkədə yeni xəstəxanalar tikilir, mövcud xəstəxanalar təmir edilir, dövlət başçısı səhiyyənin inkişafına xüsusi diqqət edir. Bu baxımdan həmin dəyişikliklər səhiyyənin səviyyəsinin yüksəldilməsi, ailələrin sağlamlığının möhkəmləndirilməsi istiqamətində atılan ciddi bir addımdır. Həmin dəyişiklikləri müdafiə edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Gülər xanım danışmasa, məndən inciyəcək, buyurun, Gülər xanım Əhmədova.
G. Əhmədova. Söz verdiyinizə görə təşəkkür edirəm. Amma, Ziyafət müəllim, söhbət təkcə inciməkdən getmir. Öz ailəmdə baş verən hadisələrdən sonra bu məsələləri mən çox gözəl bilirəm. Azərbaycanda mənim ailəm kimi kifayət qədər ailələr var. Təəssüflə demək istəyirəm ki, evində ağır xəstəsi olan insanların həmin xəstəni xaricə aparıb müalicə etmək imkanları yoxdursa, xəstənin heç bir şansı yoxdur. Bu, əslində, ağır bir problemdir. Bu gün Azərbaycanda evində ağır xəstəsi olan hər hansı bir insanın xəstəsini xaricə aparmaq imkanları da məhduddur.
Mən bu qanun layihəsini ikiəlli dəstəkləyirəm. Həmkarımızın yalnız müxalifət sözü demək xatirinə “sertifikasiya lazımdırmı, yoxsa yox?” deməsinə çox təəccüb elədim. Mən böyük təkidlə deyirəm ki, nəinki sertifikasiya, həkimlərin səviyyəsini yoxlamaq, hətta bir çox hallarda bu gün Azərbaycanda uzun illər çalışan həkimləri həkimlikdən məhrum etmək lazımdır. Həmin həkimlərin biabırçı işlərinin nəticəsində yüzlərlə insan həyatını dəyişib, yüzlərlə insan şikəst qalıb. Ona görə çox istərdim ki, bu qanun layihəsini qəbul eləyək. Qanun layihəsinə bir-iki əlavə də təklif etmək istərdim.
Birinci, təklif etmək istərdim ki, ixtisası dəyişmə məsələsi yalnız bir dəfə mümkün olsun. İkinci, təklif etmək istərdim ki, təkcə sertifikasiya deyil, eyni zamanda, peşəsinə uyğun olmayan insanların bu peşədən uzaqlaşdırılması barədə qərar qəbul olunması üçün Səhiyyə Nazirliyinə imkan yaradaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Gülər xanım. Aydın müəllim, buyurun, yekunlaşdıraq.
A. Həsənov. Ziyafət müəllim, çox sağ olun, çox danışmayacağam. Həkimlərin attestasiyadan keçmələri çox vacibdir. Bizim bir qonşu var idi, həkimliyi qurtarmışdı. Qonşular bir-birlərini tanıyırlar, ona təcili yardım göstərmək üçün hımin çağırırlar, arvad-uşaq ağlaşır, xəstənin üzünü də qibləyə çeviriblər. Tez gəlib aparatı çıxarır, qoyur xəstənin qoluna, deyir: “Allah rəhmət eləsin, çoxdan rəhmətə gedib, gecikibsiniz”. Kişi yorğanı çəkir, deyir: “a kişi, sən bilirsən, mən müharibə iştirakçısıyam, qolum protezdir”. Aparatı qoyub protezin üstünə, nəbzini yoxlayır. Ona görə həkimlərin attestasiyasını keçirmək lazımdır.
Sədrlik edən. Bundan sonra Sizə söz vermirəm, Hadi müəllim, səsə qoyuram.
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Sağ olun qəbul edildi.
Növbəti məsələ, Şəmkir rayonunda Əliyaqublu inzibati ərazi dairəsinin yaradılması haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verir.
T. Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təqdim olunmuş qanun layihəsində Şəmkir rayonunun Əliyaqublu kəndinin Çaparlı kənd inzibati ərazi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Əliyaqublu kənd inzibati ərazi dairəsinin yaradılması və yaradılmış yeni inzibati ərazi dairəsinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq lazımlı sənədlər qanunvericiliyə uyğun olaraq toplanmış və Milli Məclisə təqdim edilmişdir. Qanun layihəsi Regional məsələlər komitəsində müzakirə olunmuş və Milli Məclisə təqdim edilmişdir. Qanun layihəsi Regional məsələlər komitəsində müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Xahiş edirəm, öz münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun, Tahir müəllim. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Patent haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi barədə. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məruzə edəcək. Şəmsəddin müəllim, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Prezidentindən daxil olub və əsas etibarilə texniki və redaktə xarakterli dəyişikliklərdən ibarətdir. Bu dəyişikliklərə Milli Məclisin Elm və təhsil komitəsində baxılıb, müzakirə olunub və təsdiq olunmaq üçün tövsiyə edilib. Dəyişikliklər, qeyd etdiyim kimi, redaktə xarakterlidir və əsas məqsəd qanunun təkmilləşdirilməsidir. Misal üçün, bəzi anlayışlar qanunda yeni redaktədə verilib. Məsələn, “ixtira”, “faydalı model”, “üsul”, “məhsul” yeni redaktədə verilib. Bəzi bəndlərin, yarımbəndlərin adlarında müəyyən dəyişikliklər edilib. Ümumən, hesab edirik ki, bu dəyişikliklərin qəbul olunması “Patent haqqında“ Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə xidmət edir. Ona görə də mən millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsini dəstəkləsinlər və səs versinlər.
Sədrlik edən. Elmira xanım, buyurun.
E. Axundova. 5 dəqiqəmiz qalıb, zəhmət olmasa, 3 dəqiqə də qulaq asın. Qanuna edilən dəyişikliklər çox əhatəli və ciddidir, mən Şəmsəddin müəllimlə razılaşa bilmirəm ki, dəyişikliklər texniki xarakterlidir. Bu, qanuna təzə baxışdır. Bir şox maddələr yenidən işlənilib. Mən birdən-birə qanuna bu qədər ciddi dəyişikliklər edilməsinin tərəfdarı deyiləm, çünki belə hallar onsuz da mürəkkəb olan qanunların tətbiqini çətinləşdirir, qeyri-müəyyənlik yaradır. Həm də ya qanunun qeyri-kamilliyindən, ya da korporativ maraqların ortaya çıxmasından xəbər verir. Halbuki bu qanun ciddi və yaxşı işlənilib, çox yeniliklərlə razılaşmaq olar. Məsələn, 10-cu maddədə patentin qüvvədə olma müddəti 5 ilə qədər uzadılır. Bu qanunda təzə anlayışların əks olunması, ya da sənaye mülkiyyəti obyektinin xarici dövlətlərin patentləşdirə biləcək vaxt məhdudluğunun aradan qaldırılması kimi məsələlər var. Mən diqqətinizi 1-ci maddəyə yönəltmək istəyirəm. Orada ciddi müddəlar var.
20-ci maddənin təklif olunan variantı bir növ geriyə addımdır. Patent sahibinin müstəsna hüquqlarını xeyli məhdudlaşdırır. Eyni zamanda, patent sahibinin razılığı olmadan istifadə hallarını genişləndirir. Məsələn, fövqəladə hallarda, habelə dövlətin qeyri-kommersiya məqsədləri üçün patent obyektindən istifadə etdikləri halda istifadəçi hüquq sahibi ilə bu istifadəni razılaşdırmaya bilər. Ona ancaq bu barədə məlumat verməlidir. Həmin maddənin 2.4-cü bəndində yazılır: “bu cür istifadə müstəsna xarakter daşımır”. Yəni bir çox hallarda təkrar oluna bilər. Mənə elə gəlir ki, 20-ci maddənin təklif olunan variantı bu qanunun 14-cü maddəsi ilə ziddiyyət təşkil edir və patent sahibinin müstəsna hüquqlarını xeyli dərəcədə zəiflədir.
Bizdə Qərbə, hətta Rusiyaya nisbətən xeyli gerilik var. Alimlərimizin, mühəndislərimizin ixtira işini və bu ixtiraları patentləşdirmək həvəsini daha da zəiflədirik. Təsadüfi deyil ki, bir çox alimlərimiz ixtiralarını məhz Qərbdə patentləşdirməyə və ondan istifadə etməyə meyillidirlər. Xahiş edirəm, mütəxəssislər 20-ci maddəyə bir də nəzər salsınlar. Onu yenidən işləsinlər. Patent sahibinin razılığı olmadan istifadə halları yalnız fövqəladə hallarda məhdudlaşdırılmalıdır. Qalan hallarda dövlətin marağı fərdin marağından heç vaxt üstün ola bilməz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən belə başa düşdüm ki, millət vəkilləri çıxış eləmək istəmirlərsə, bu qanun layihəsini bəyənirlər, onda xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbil edildi, sağ olun.
Hörmətli deputatlar, bir qanun layihəsi də var, Əli müəllim onun barəsində məlumat versin. Məhkəmə qərarlarının icrası haqqında.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyin qısaca mahiyyətini demək istəyirəm. İndiyə qədər icra ödənişinin məbləğinin 75 faizi dövlət büdcəsinə, qalan hissəsi isə məhkəmə nəzarətçiləri və icraçılarının xüsusi fonduna keçirilirdi. İndi bu faiz 25-ə endirilir. Nə üçün? Ümumiyyətlə, məhkəmə qərarlarının icrası çox vacib bir prosedurdur. Məhkəmələr qərarları qəbul eləyir, amma qərarlar icra olunmayırsa, icra başa çatmayırsa, deməli, məhkəmə qərarının bir əhəmiyyəti olmayır.
Bu sahədə son illər çoxlu işlər görülmüşdür. Məhkəmə qərarlarının icra prosesi özü çox mürəkkəbdir. Bununla xüsusi bir idarə məşğul olur. Digər sahələrdə olduğu kimi, notariuslar, yol polisləri və sair... Burada da qərara alınıb ki, daha böyük bir məbləğ xüsusi fonda keçirilsin. Amma xüsusi olaraq vurğulamaq istəyirəm ki, xüsusi fond deyəndə, maliyyə vəsaiti üzərində hər hansı bir müstəqillik nəzərdə tutulmur. Bu fond Maliyyə Nazirliyi, xəzinədarlıq tərəfindən idarə olunan bir fonddur. Sadəcə, onu istiqamət üzrə müəyyənləşdirmək bir qədər daha rahatdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli müəllim, sağ olun. Hesab edirəm, vaxtında edilən normal və lazımlı bir dəyişiklikdir. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi sağ olun. Tənəffüs.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Növbəti məsələ “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, məhkəmə-hüquq islahatları çərçivəsində son dövrlər prokurorluq orqanlarında da bir çox səmərəli işlər görülmüşdür. Təsadüfi deyildir ki, 2008-ci ildə ölkə Prezidenti bu istiqamətdə həyata keçirilən islahatlara və işlərə yüksək qiymət vermiş və söyləmişdir ki, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Onu da qeyd edim ki, hazırda prokurorluq orqanlarına işə qəbul, prokurorluqda kadr siyasəti müasir standartlara cavab verir. Bu gün prokurorluq əməkdaşlarının təxminən üçdə biri işə test üsulu ilə qəbul olunmuş hüquqşünaslardır. Təqdirəlayiq haldır ki, prokurorluq əməkdaşlarının 30 faizdən çoxu gənc kadrlardır.
Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət proqramı cənab Prezident tərəfindən 2008-ci il tarixli sərəncamla təsdiq olunmuşdur. Bu Dövlət proqramı prokurorluq orqanlarının rolunun artırılması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsini özündə ehtiva edir. Məhz bu Dövlət proqramının icrası ilə əlaqədar xüsusi bir komissiya yaradılmış, tədbirlər planı həyata keçirilmişdir.
Dövlət proqramının icrası üçün bir sıra qanunvericilik aktlarına, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanmışdır. Onu deyim ki, bundan əvvəl də Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında xidmət keçmə haqqında qanunlara əlavələr və dəyişiklik edilməsi haqqında” bir layihə mövcud idi və həmin layihənin də müddəaları burada öz əksini tapmışdır.
Qısaca olaraq, qeyd etmək istəyirəm ki, bir sıra dəyişikliklər texniki xarakter daşıyır, yəni anlayışların dəqiqləşdirilməsinə xidmət edir. Misal üçün, “Prokurorluq haqında” Qanunun 1-ci maddəsində “şöbələrin böyük prokurorları, prokurorları və prokuror-kriminalistləri” sözlərinin “şöbələrin böyük prokuror-metodistləri, Böyük prokurorları, Böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri” sözləri ilə əvəz edilməsi təklif olunur.
Həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsinə edilən əlavə Baş prokurora xatirə medal və nişanlarının təsis edilməsi səlahiyyətinin verilməsi ilə bağlıdır ki, bu da uzun müddət səmərəli və qüsursuz işləmiş prokurorluq işçilərinin əməyinin qiymətləndirilməsi üçün nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, digər hüquq mühafizə orqanlarında da belə bir səlahiyyət var. Bilirik ki, bizim orden və medallar haqqında qanunumuz var. Amma xatirə medal və nişanlarının verilməsi müvafiq icra hakimiyyəti orqanının, bu halda isə Baş prokurorun səlahiyyətinə aid edilir.
Mən bir qədər 16-cı maddəyə edilən əlavənin üzərində dayanmaq istərdim. 16-cı maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilir: “Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təyin edilə bilməzlər”. Burada məqsəd, əslində, ratasiya prinsipinin qorunub saxlanılmasıdır. Yəni bu qayda nəzərdə tutur ki, səlahiyyət müddəti iki dəfədir. Amma müstəsna hallarda bu qaydadan kənara çıxıla da bilər. Eyni zamanda, 16-cı maddədən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz” müddəası çıxarılır. Qeyd etmək istəyirəm ki, belə bir təklif bizim komitədə də müzakirə olunmuş və biz bunu dəstəkləmişdik. Hazırkı əlavələr və dəyişikliklərdə də bu öz əksini tapmışdır. Bir sıra hallarda bu, mətbuatda fərqli təfsir olunmuşdur. Mən bir daha vurğulamaq istəyirəm ki, bu qanunun 16-cı maddəsinin əsas mahiyyəti onun 1-ci hissəsindədir. Bu isə Baş prokurorun, respublikanın hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokurorunun səlahiyyət müddətlərinin 5 il olması barədə müddəadır. Yəni bu şəxslərin səlahiyyət müddəti 5 ildir, təklif olunan əlavə və dəyişiklikdə də 5 il olaraq qalır. Prosedur isə belədir ki, namizəd Prezident tərəfindən təqdim olunur, parlament isə bu namizədi əgər dəstəkləyərsə, onda həmin namizəd təyin olunmuş hesab olunur. Yəni prosedur, şəffaf seçim proseduru olduğu kimi qalır.
Layihəyə edilmiş bir sıra əlavələr və dəyişikliklər öncə də dediyim kimi, sırf sosial xarakter daşıyır və prokurorluq orqanları işçilərinin sosial müdafiəsi ilə bağlıdır. Amma birmənalı bildirmək istəyirəm ki, buraya edilən əlavələr və dəyişikliklər ilk növbədə indiyə qədər mövcud olmuş bir sıra ziddiyyətləri aradan qaldırmış olur. Misal üçün, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna görə 60 yaşına çatmış prokurorluq işçisi artıq pensiya yaşına çatmış hesab olunur. Halbuki ümumi pensiya yaşı 62-dir. Burada o iki illə bağlı bir ziddiyyət yaranır. Əlavələr və dəyişikliklər bu ziddiyyəti və mən deyərdim ki, bu ədalətsizliyi aradan qaldırmış olur.
Qeyd edim ki, buraya edilmiş bütün əlavələr və dəyişikliklər digər hüquq mühafizə orqanlarında – daxili işlər, milli təhlükəsizlik və ədliyyə orqanlarında mövcud olan, amma indiyə qədər prokurorluq orqanlarına şamil olunmayan sosial təminatların buraya əlavə olunması ilə bağlıdır. Ona görə ki, prokurorluq məhkəmə hakimiyyətinin tərkibində olsa da, adını çəkdiyim orqanlarda əmək haqları prokurorluq orqanlarınkından çox yüksəkdir. Halbuki prokurorluq da hüquq mühafizə orqanı statusu daşıyır. Biz bu əlavə və dəyişiklikləri qəbul etməklə indiyə qədər olmuş bu ədalətsizliyi də aradan qaldırmış oluruq.
Mən detalların üzərində dayanmaq istəmirəm, amma onu deyə bilərəm ki, misal üçün, qanunun 20-ci maddəsinə edilən əlavə və dəyişiklik “Daxili işlər orqanlarında xidmət çəkmə haqqında” Qanunun 104-cü maddəsində mövcuddur. “Prokurorluq haqqında” Qanunun 20.2-ci maddəsindəki yenilik “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.6-cı maddəsində mövcuddur və yaxud 20.13-cü maddəyə etdiyimiz əlavə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.9-cu maddəsində mövcuddur. Yəni bu əlavə və dəyişikliklər bütövlükdə ancaq müvafiq qanunları uyğunlaşdırmaq məqsədi daşıyır.
Qeyd etdiyim kimi, Dövlət proqramının icrası ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Qanuna da bir sıra əlavələr və dəyişikliklər təklif olunur. Qanun layihəsinin bu hissəsi ilə bağlı, ehtiyac olarsa, Hadi müəllim də məlumat verər. Mən qısaca onu demək istəyirəm ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə beş il sığorta stajı olduqda 62 yaşına çatmış kişilər yaşa görə əmək pensiyası hüququnu əldə etmiş olurlar. Təcrübədə isə 60 yaşına çatmış, lakin prokurorluq orqanlarında qulluq müddəti 25 ilə çatmamış prokurorluq işçilərinin qulluq keçməsinə xitam verilərkən onların pensiya hüququndan istifadə etməsi mümkün olmurdu. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin yeni redaksiyada verilməsi qeyd etdiyim ziddiyyəti aradan qaldırmış olur. Üstəgəl “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə edilən dəyişiklik nəticəsində yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 təqvim ili və daha çox ümumi stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinə əmək pensiyası hüququ şamil olunacaqdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, belə bir qayda Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin işçiləri, Dövlət Sərhəd Xidməti və Dövlət Xüsusi Mühafizə Xidmətinin hərbi qulluqçuları üçün də müəyyən edilmişdir. Yəni beləliklə, biz prokurorluğa digər hüquq mühafizə orqanlarında mövcud olan sosial və maddi-texniki təminatları vermiş oluruq.
Hesab edirəm ki, təklif olunmuş bu əlavələr və dəyişikliklər qəbul olunarsa, bu, prokurorluq orqanlarına bizim verdiyimiz bir mühüm töhfə olacaq, çünki dövlətçiliyimizin qorunmasında, cinayətkarlığın qarşısının alınmasında onların xidmətləri az deyildir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, bu layihədə “Əmək pensiyaları haqqında” Qanunun, əsasən, iki maddəsinə dəyişiklik edilib. Birincisi, 9.4-cü maddədə prokurorluq orqanlarında qulluq etmiş hansı şəxslərin yaşa görə əmək pensiyası almaq hüququnun olması açıqlanır. Bütün detallar öz əksini tapır və prokurorluq orqanları işçilərinin sosial müdafiəsi burada daha dəqiq göstərilir. Mən hesab edirəm ki, bu, prokurorluq işçilərinin sosial müdafiəsinin güclənməsinə xidmət edən dəyişiklikdir. 20-ci maddədə də ciddi dəyişikliklər var. Doğrudur, bu maddədə qulluq stajına görə əmək pensiyasına əlavələr barədə müddəa əvvəllər də var idi. Amma indi o maddə açıqlanır, orada ən xırda detallar belə nəzərə alınır. Beləliklə, prokurorluq işçilərinin, demək olar ki, bütün hallarda sosial müdafiəsi təmin olunur. Komissiyamız buna müsbət rəy verib. Biz hesab edirik ki, bu müddəalar prokurorluq işçilərinin sosial müdafiəsinin güclənməsinə xidmət edəcək.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirəyə başlayırıq. Müzakirədə Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov və idarə rəisi Natiq Hüseynov da iştirak edirlər. Lazım olsa, müzakirələrdə onlar da sözlərini deyəcəklər. Buyursun Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən hər üç qanuna edilən düzəlişləri hüquqi boşluğun və müəyyən ziddiyyətlərin ortadan qaldırılması baxımından əhəmiyyətli hesab edirəm. Bildiyiniz kimi, bu ilin mart ayında Azərbaycanda referendum keçirildi və Konstitusiyada çox əhəmiyyətli düzəlişlər, əlavə və dəyişikliklər edildi. Orada ən mühüm dəyişikliklərdən biri Azərbaycan Respublikası Prezidentinin iki dəfədən artıq seçilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi idi. Bundan sonra Prezident öz namizədliyini verib istənilən müddətə seçilə bilər. Bunun müsbət və mənfi tərəfləri Azərbaycan cəmiyyətində, televiziyada, debatlarda dartışıldı. Amma fakt budur ki, bu, Azərbaycan Konstitusiyasında yer aldı.
Azərbaycan əgər parlament respublikası olsa idi, bu gün mən nazirlərin də, prokurorluq orqanları rəhbərlərinin də, başqalarının da səlahiyyət müddətinə müəyyən bir limit qoyulmasının tərəfdarı kimi çıxış edərdim. Amma prezidentli respublikanın özünün spesifik xüsusiyyətləri var. Bu xüsusiyyətlər ondan ibarətdir ki, əgər prezidentə bu hüquq tanınırsa, onun təyin edə biləcəyi şəxslərə qarşı da belə bir məhdudiyyətin qoyulması yanlışdır. Xatırlayırsınızsa, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama prezident seçiləndə respublikaçılar partiyasının nümayəndəsini müdafiə naziri saxladı. Yəni məsuliyyətin böyük hissəsi icra hakimiyyətini həyata keçirən prezidentin üzərində olanda, prezidentli respublika modelində bu cür məhdudiyyətlər qoyulmasının ciddi bir mənası qalmır. Azərbaycan reallığı da budur ki, bir nazir 15 il, 20 il əgər vəzifədə ola bilirsə, digər orqanların rəhbərlərinin belə bir məhdudiyyətlə üzləşməsinin heç bir əhəmiyyəti qalmır. Bu baxımdan mən hesab edirəm ki, bu dəyişikliklər normal qarşılanmalıdır və göstərilən qanunlarda olan bu cür ziddiyyət və boşluqlar ortadan qaldırılmalıdır.
16-cı maddədən Azərbaycan Respublikası Baş prokurorunun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun və digər prokurorların iki dəfədən artıq təyin edilə bilməsinin qarşısını alan müddəanın çıxarılması müsbət addımdır. Mən buradan “Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər” cümləsinin də çıxarılmasını təklif edirəm. Ümumiyyətlə, bu məhdudiyyət götürülürsə, hamıya şamil olmalıdır. Hörmətli Əli müəllim qeyd elədi. Burada “bir qayda olaraq” sözləri imkan yaradır ki, istənilən adamı təkrarən həmin posta təyin etmək mümkün olsun. Məncə, bu, vəziyyətdən çıxış yolu deyil, bütün məhdudiyyətlərin götürülməsi istiqamətində addım atılmalıdır.
Daha bir ziddiyyətli məqama diqqət çəkmək istəyirəm. 29-cu maddədə deyilir ki, ikili vətəndaşlığı olan şəxslər prokurorluğa işə qəbul edilmirlər. Azərbaycan Konstitusiyasına görə bizdə ikili vətəndaşlıq ola bilməz. Belə olan təqdirdə prokuror və prokurorluğun müstəntiqi vəzifələrinə ikili vətəndaşlığı olan şəxslərin qəbul edilməməsi barədə müddəanın buraya salınmasına ehtiyac qalmır. Burada onsuz da yazılıb ki, həmin vəzifələrə Azərbaycan Respublikasının vətəndaşları təyin oluna bilərlər. Azərbaycan Respublikası vətəndaşından söhbət gedirsə, burada ikili vətəndaşlığın xatırladılmasının nə mənası qalır? Qanun belə məsələlərdə, məncə, bir az yüngülləşdirilməlidir.
Prinsipial məsələlərdən biri də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda edilən dəyişiklikdir. 10-cu maddədə birinci müavinin müavinlə əvəz olunması struktur daxilində həyata keçirilən məsələlərdir. Amma bu, vəzifə təsnifatlarında çox ciddi bir anlaşılmazlıq və ziddiyyət yaradır. Bakı 3 milyondan artıq insanın yaşadığı bir şəhərdir. Bakı şəhər prokurorluğunun statusunun, deyək ki, daha az əhalisi olan inzibati vahidlərdəki qurumlarla eyniləşdirilməsi, yaxud ondan aşağı səviyyəyə salınması, açığı, məntiqsizdir. Məncə, burada da bir dəyişiklik edilməlidir. Mən bunu təklif edirəm.
Əli müəllim, tutaq ki, Bakı şəhər prokuroru 3-cü və Bakı şəhər prokurorunun müavinləri 4-cü təsnifata aiddir. Belə çıxır ki, daxili işlər orqanlarında Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi ikinci və onun müavinləri üçüncü təsnifatda olur. Bir əməliyyat müşavirəsi keçirilir. Bu müşavirədə Bakı şəhər prokuroru bir növ polkovnikdirsə, polis orqanının nümayəndəsi generaldır. Belə olduqda bunlardan hansı o birinə tapşırıq, əmr və göstəriş verə bilər? Əməliyyat müşavirəsində, hesab etmirəm ki, rütbəcə fərqlərin olduğu şəraitdə səmərəli müzakirə aparıla bilər. Ona görə də bu təsnifat dəyişilməlidir. Təklif edirəm ki, rütbələrin bərabərləşdirilməsi üçün Bakı şəhər prokuroru üçüncü təsnifatdan ikinci təsnifata, Bakı şəhər prokurorunun müavinləri 4-cü təsnifatdan 3-cü təsnifata keçirilsin. Bu, prokurorluq orqanlarının nüfuzunu artırmış olar. Bakı şəhərinin özəl statusu olduğuna görə, əhalinin sayı, iş həcmi, burada çalışmaq şərtləri daha fərqli olduğuna görə bu statusu qaldırmaq lazımdır.
Mən hesab edirəm ki, qanunların bizim müzakirəmizə bu cür yarımçıq formada çıxarılması düzgün deyil. Bütün komponentlər müzakirə olunmalı, hansı ziddiyyətlər varsa, ortadan qaldırılmalıdır. Ona görə də mən çıxışımın sonunda bir daha bu dəyişikliyin edilməsini təklif edirəm. Əgər qanunvericilik təşəbbüsü subyekti ilə bunu razılaşdırmaq mümkün olarsa, bu boşluğu aradan qaldırmaq elə prokurorluq orqanlarının fəaliyyətinə Milli Məclisin ən böyük dəstəyi olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinin tərəfdarıyam. Məndən öncə çıxış edən hörmətli Fazil müəllim parlamentdə olduğu 4 il müddətində ən ədalətli çıxışlarından birini etdi, bu məsələyə həm fundamental, həm də hüquqi baxımdan qiymət verdi. Mənim fikirlərimin bir çoxu onun bu məsələ ilə əlaqədar fikirlərilə üst-üstə düşür. Ona görə də mən yalnız bir neçə detalla bağlı fikirlərimi qeyd etmək istəyirəm.
İlk olaraq onu demək istəyirəm ki, bəzi qanun layihələri əsaslandırılıb ortaya çıxarılarkən onların ətrafında, xüsusilə mətbuat orqanlarında böyük bir ajiotaj yaradılır. Hələ yaz tətilindən bu tərəfə 6 aydır gecə-gündüz qəzetlərdə yazılar gedir ki, ömürlük prokuror seçirlər. Halbuki burada söhbət ömürlük prokuror seçilməsindən getmir. Qanun layihəsinin təqdimatında da, çıxışlarda da deyilib ki, burada yalnız səlahiyyət müddətinə qoyulan hədd aradan götürülür. Əli müəllim də qeyd etdi, Prezident hər hansı bir şəxsin müəyyən vəzifəyə namizədliyini təqdim edir, Milli Məclis səs verir və o şəxs səsvermənin nəticəsi olaraq vəzifəyə təyin olunur. Milli Məclis xalq tərəfindən seçilmiş, formalaşmış bir qurumdur. Onda deputatlar da ömürlük təyin olunur? Amerikanın seçki sisteminə baxın. Amerika prezidentini də seçilmişlər seçirlər, o, birbaşa xalq tərəfindən seçilmir. Belə çıxır ki, Amerika prezidenti ömürlük təyin olunur? Hər hansı bir şəxsin namizədliyi parlamentə təqdim olunur. Parlament bu şəxsin fəaliyyətini məqsədəuyğun hesab edirsə, səs verir, məqsədəuyğun hesab etmirsə, səs vermir və bununla da məsələ həll olunur.
Hər kəsin işləmək, fəaliyyət göstərmək, seçmək və seçilmək hüququ var. Biz bu hüquqa hörmətlə yanaşmalı və hər kəsə imkan yaratmalıyıq ki, öz səlahiyyəti çərçivəsində bacarıq və qabiliyyətini göstərsin. Tutduğu vəzifəyə təkrarən seçilməyəcəyini bilən hər hansı bir insanın fəaliyyəti o qədər də qənaətbəxş olmur, çünki o, artıq gələcək perspektivlər haqqında fikirləşməyə başlayır. İşinə qiymət verildiyini və bu işin daim diqqət mərkəzində olduğunu görən insan isə fəaliyyətini ürəklə davam etdirir. Baxın, biz, parlament üzvləri də bu gün yerlərə gedir, seçicilərlə mütəmadi görüşlər keçirir, onların problemlərinin həll olunması ilə məşğul oluruq. Amma bizlərdən kimsə 2010-cu ildə seçilməyəcəyini bilsə, çətin ki, o yerlərə bir də ayağını qoysun, onlarla ünsiyyət yaratsın. Bu məsələlər qanunda ədalətli şəkildə öz əksini tapmalıdır. Mənim fikrimcə, qanun layihəsində bu düzəliş məhz ədalətin tərənnümüdür və düzgün olaraq burada öz əksini tapıbdır. Əgər parlament tərəfindən, Prezident tərəfindən etimad göstərilibsə, bir şəxs bir neçə dəfə bu vəzifəyə seçilə bilər.
Prokurorluq orqanlarının fəaliyyətindəki müsbət məqamları Əli müəllim qeyd etdi. Mən də o fikirdəyəm ki, onların fəaliyyəti çox qənaətbəxşdir. Son dövrdə kadrların test üsulu ilə seçilib yerləşdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi idarənin yaradılması və bu istiqamətdə işlərin aparılması, dövlət ittihamının həyata keçirilməsi ilə bağlı məsələlər bunu deməyə əsas verir. Bu sahədə daim islahatlar, təkmilləşdirmə işləri aparılır. Ona görə də burada səlahiyyət müddətinə qoyulan baryerin götürülməsi, məncə də, məqsədəuyğundur.
Mən Fazil müəllimin o fikri ilə də razıyam ki, həmin müddəa ayrı-ayrı strukturlara və rayonlara da tətbiq olunmalıdır. Biz deputat fəaliyyətimizlə əlaqədar olaraq rayonlarla mütəmadi ünsiyyətdə olan insanlarıq. Görürük ki, prokuror rayonda necə çalışır. O, rayonun mühitinə uyğunlaşır, insanlarla təmas yaradır və ədalət mühakiməsini çox gözəl həyata keçirirsə, səlahiyyət müddəti qurtardıqdan sonra onun yenidən təyin olunmasına bir baryer olanda bu, ədalətsizlik olur. Kim dövlət, hökumət, millət qarşısında vəzifə borcunu vicdanla yerinə yetirmirsə, heç 5 il işləməyəcək, 1 ilin içində onun əmrini verib yola salacaqlar. Əgər kimsə uğurla işləyir, fəaliyyət göstərirsə və rayonun, oradakı insanların etimadını qazanıbsa, ona da bu qanun layihəsi ədalət naminə tətbiq olunmalıdır.
Digər bir məsələ prokurorluq orqanları işçilərinin sosial müdafiəsi ilə əlaqədardır. Necə ola bilər ki, bu, digər hüquq mühafizə orqanlarına şamil olunsun, ən aparıcı hüquq mühafizə orqanı olan prokurorluğa şamil olunmasın? Mən hüquq mühafizə sistemi ilə bağlı bir təklif vermək istəyirəm. Azərbaycanda hüquq mühafizə sisteminin sahəsi çox genişdir. Təəssüf ki, iqtisadiyyatla və yaxud sosial problemlərlə məşğul olan orqanlar da bəzən öz strukturlarında istintaq orqanı yaradır, istintaqla məşğul olurlar. Hüquqşünaslar çox gözəl bilirlər ki, istintaq nə deməkdir, istintaq üçün təcrübə lazımdır, istintaq üçün sistem lazımdır, cəza mexanizmini müəyyənləşdirmək lazımdır. Tutaq ki, bir adam hansısa bir cinayəti törədib, o strukturun saxlama kamerası yox, o adama qarşı tətbiq edəcəyi hüquqi normativ aktları yox. Amma istintaq orqanıdır, istintaq aparır. Nəticədə istintaqı o qədər yararsız və məsuliyyətsiz şəkildə aparır ki, sonradan prokurorluq və digər hüquq mühafizə orqanları baş sındırmalı olur ki, bunun elədiyi səhvləri hansı qaydada düzəltsin. Bəlkə də həmin adama cəza verilməlidir, amma elə istintaq aparılır ki, o adama cəza vermək qeyri-mümkün olur. Avropa Şurasında da bizə ünvanlanan iradların böyük əksəriyyəti şəxslərin bu və ya digər şəkildə cinayət törətməsi ilə bağlı deyil, istintaqın yarıtmaz aparılması, istintaq prosedurunda buraxılan səhvlərlə bağlı olur. Hər bir orqan özünə istintaq strukturu yaradıb ona hüquq mühafizə orqanının səlahiyyətlərini verə bilməz. Bu gün baytarlıq idarəsi də, sanepidemstansiya da artıq hüquq mühafizə orqanına çevrilib. Cəmiyyətdə bunların sayı nə qədər çoxalırsa, iqtisadi strukturlarla bağlı problemlər də bir o qədər çox ortaya çıxır. Bunlar azaldılmalıdır.
Qəribədir ki, biz hüquq mühafizə orqanları sisteminə daxil olan prokurorluq orqanlarında işləyənlərin pensiya təminatı ilə məhz bu gün məşğul oluruq. Halbuki prokurorluq əsas hüquq mühafizə orqanıdır və prokurorluq işçilərinin pensiya təminatı da çoxdan digər hüquq mühafizə orqanları işçilərinin pensiya təminatı ilə eyni olmalı idi. Bu baxımdan biz bu ziddiyyəti aradan qaldırmaqla orada çalışan insanların pensiya təminatında ədalət prinsipini həyata keçiririk. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş qonaqlar! Mən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm bir addım kimi dəyərləndirirəm.
Düzdür, Azərbaycan Respublikası Baş prokurorunun, hərbi prokurorunun, həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun və hərbi prokurorunun təyin olunmasına qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsi çox müzakirə olunmaqdadır. Amma qanunun “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu”, “Prokurorluğun təşkilinin digər məsələləri”, “Prokuror və prokurorluğun müstəntiqi vəzifələrinə təyin olunmaq üçün tələblər”, “Prokurorluq işçisinin həvəsləndirilməsi” adlı maddələrinə təklif olunan dəyişikliklərin bir çoxu prokurorluq işçilərinin fəaliyyət mühitinin yaxşılaşdırılmasına, stimulverici tədbirlərin artırılmasına xidmət edir.
Bu dəyişikliklərə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 12-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş səlahiyyətlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən birləşmələrində müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun təqdimatı əsasında hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə Baş prokurorla razılaşdırılmaqla Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən veriləcəkdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr verildikdən sonra növbəti hərbi rütbələr, yəni ədliyyə polkovnik-leytenantı, ədliyyə polkovniki rütbələri və ali hərbi rütbələr istisna olunmaqla Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru tərəfindən veriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda bu qanunun 1-ci maddəsində nəzərdə tutulmayan vəzifələrdə qulluq edən şəxslərin hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru tərəfindən həyata keçiriləcəkdir.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişikliklərin qəbulundan sonra isə prokurorluq işçilərinin sosial müdafiəsi daha da gücləndiriləcəkdir. Dəyişikliyə əsasən prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcəkdir. Başqa yerə daimi işə keçirilmiş prokurorluq işçilərinin və onların ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya da dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəniləcəkdir. Bu da, əlbəttə, prokurorluq işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bir dəyişiklikdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərdə prokurorluq işçilərinin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən məqamlar da vardır.
Ümumiyyətlə, bu əlavə və dəyişikliklər çox normaldır və bunlar tamamilə qanuna uyğundur. Buna görə də mən deputat həmkarlarıma bu qanunlara edilən əlavə və dəyişikliklərin qəbuluna səs verməyi təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Müzakirəmizə təqdim olunmuş “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi zamanın tələblərindən irəli gəlir. Müəyyən dövr keçdikcə hər bir normativ hüququ akta əlavə və dəyişikliklər edilməsi zərurətə çevrilir. Bu baxımdan adı çəkilən qanunların təkmilləşdirilməsi, onlara yeni normaların əlavə edilməsi, ayrı-ayrı müddəaların günün tələblərinə uyğunlaşdırılması qanun yaradıcılığı fəaliyyətinin tərkib hissəsidir.
Məlumdur ki, “Prokurorluq haqqında” Qanun 1999-cu ildə qəbul edilib. Qanunun qəbulundan keçən dövr ərzində prokurorluq orqanlarının nəzdində bir çox yeni qurumlar yaradılıb, strukturlarda dəyişikliklər edilib. Yeni layihədə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların pensiya təminatının yaxşılaşdırılması, təsnifatda mövcud olan problemlərin həlli, ümumiyyətlə, 22-dən artıq müxtəlif əlavə və dəyişiklik nəzərdə tutulub. Bunların hamısı prokurorluq orqanlarının səmərəli iş fəaliyyətinin və prokurorluq orqanları əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına, daha da təkmilləşdirilməsinə yönəlib.
Əsas müzakirə mövzusu “Prokurorluq haqqında” Qanunun 16-cı maddəsinə edilən düzəlişdir. Hazırda qüvvədə olan “Prokurorluq haqqında” Qanunun 16-cı maddəsinin ikinci hissəsinə əsasən eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərində iki dəfədən artıq təkrarən təyin edilə bilməz. Hazırda müzakirəmizə təqdim olunan “Prokurorluq haqqında” Qanunun 16-cı maddəsinin ikinci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsinin çıxarılması təklif olunur. Qanunun bu maddəsinə edilən dəyişiklik olduqca mütərəqqi dəyişiklikdir.
Ümumiyyətlə, bizim qanunvericilikdə bəzi vəzifəli şəxslərin iki dəfədən artıq həmin vəzifəyə seçilməsinə məhdudiyyət qoyulur. Xatırladım ki, bundan əvvəl ölkə Konstitusiyasına və “İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilərək bir şəxsin iki dəfədən artıq eyni vəzifəyə seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılmışdı. Bu baxımdan “Prokurorluq haqqında” Qanunun 16-cı maddəsinin ikinci hissəsində Baş prokuror və hərbi prokurorun eyni vəzifəyə iki dəfədən artıq təyin olunmasına qoyulan məhdudiyyətin aradan qaldırılması olduqca zəruridir. Vəzifəli şəxslərin öz bilik və bacarıqlarını sərbəst realizə etmələri, aparılan islahatların davam etdirilməsi və təkmilləşdirilməsi baxımından “Prokurorluq haqqında” Qanunun 16-cı maddəsinin ikinci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz” normasının çıxarılması vacibdir.
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına xeyli sayda dəyişiklik və əlavələr edilməsi nəzərdə tutulur ki, bunları mütərəqqi dəyişiklik hesab edirəm. Xüsusilə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödənilir” normasının əlavə edilməsi prokurorluq orqanları əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir.
Həmin qanunun 20-ci maddəsinin 2-ci bəndinə əlavə olunmuş “Başqa yerə daimi işə keçirilmiş prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir” norması prokurorluq işçilərinə dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir.
Hesab edirəm ki, adı çəkilən normativ hüquqi aktlara edilən əlavə və dəyişikliklərin hər biri vacib və əhəmiyyətlidir. Buna görə də həmkarlarımı qanun layihəsinin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən “Prokurorluq haqqında” Qanuna çox ciddi dəyişikliklərin edilməsinin tərəfdarıyam. Mən nəyi nəzərdə tuturam? Bir tərəfdən Konstitusiya səviyyəsində qarşımıza çox nəhəng vəzifələr qoymuşuq. Yəni insanın hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Biz hüququ və qanunun aliliyini təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Biz vətəndaş cəmiyyətinin qurulmasını və demokratiyanın inkişafını qarşımıza məqsəd qoymuşuq. Digər tərəfdən bu da reallıqdır ki, ölkəmizdə hüquqi nihilizm şəraiti mövcuddur və nə qədər az danışsaq da, məmur özbaşınalığı baş alıb gedir. Vəzifəli şəxslərin qanuna etinasız münasibətləri var. Hesab edirəm ki, belə bir şəraitdə biz prokurorluğun ümumi nəzarət funksiyasını ona qaytarmalıyıq. Bundan ancaq xalqımız və dövlətimiz udar.
Sizə xatırlatmaq istəyirəm ki, prokurorluq elə məhz nəzarət orqanı kimi meydana çıxıb. Onun vətəni Fransadır. 1301-ci ildə Fransa kralı IV Filipin vaxtında ali nəzarət orqanı kimi yaranıb. Sonralar Rusiya da bu sistemi qəbul edib. Ancaq mühafizəkarlığın çox yüksək olduğu İngiltərə və anqlosaks ölkələri prokurorluğu cinayəti təqib orqanı kimi qəbul ediblər. Yəni cinayət işi qaldırsın, istintaqını aparsın və məhkəmədə ittihamı müdafiə etsin. Bizdə isə bu iki sistemdən fərqli olan prokurorluq var. Biz onu məhkəmə hakimiyyətinə aid etmişik. Ancaq Azərbaycanın gələcəyi, bugünkü separatizm meylləri ilə mübarizə prokurorluğun ümumi nəzarət funksiyasını ona qaytarmağı tələb edir.
İndi keçirəm layihəyə. Əlbəttə, layihədə müsbət tərəflər çoxdur. Burada yoldaşlar da qeyd etdilər. Xüsusilə pensiya alan ailə başçısı dünyasını dəyişdikdə onun pensiyasının əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə keçməsini mən yüksək qiymətləndirirəm.
Bugünkü çıxışlardan da görünür, ən böyük mübahisə doğuran 16-cı maddədir. Bu həm ictimaiyyət, həm də mütəxəssislər arasında mübahisə yaradır. Bunun da səbəbi hüquqi texnologiyaya müəyyən dərəcədə əməl etməməyimiz olub. Biz 18 martda referendum keçirdik və 96-cı maddəyə 7-ci bənd əlavə etdik. Orada deyilir ki, hər bir qanun və qərar layihələri əsaslandırılmalı və qəbul edilməsinin məqsədləri göstərilməlidir. Ona görə hər bir qanun layihəsi müzakirəyə çıxarılmazdan qabaq o layihəyə izahedici bir arayış da əlavə olunmalıdır ki, bu qanunun hansı məqsədlərlə dəyişdirildiyi məlum olsun. Əgər elə bir arayış olsa idi, yəqin ki, mübahisələr də ortaya çıxmazdı. Mən Baş prokurorun, hərbi prokurorun və başqalarının üçüncü dəfə vəzifəyə təyin edilməsinin əleyhinə deyiləm. O insanları da yaxşı tanıyıram. Vaxtilə bir yerdə işləmişik. Onların haqqında mənim fikrim də müsbətdir. Ancaq qeyri-məntiqi görünür ki, ərazi prokurorları və ixtisaslaşdırılmış prokurorlar haqqında bu qayda saxlanılır. Orada bir qeyd var ki, bir qayda olaraq, təyin edilə bilməzlər. Yəni edilə də bilərlər. Onda hansı hallarda hansı prosedurun təyin olunması qanunda göstərilməli və bu boşluq doldurulmalıdır.
Sonra, qanunda bir 33-cü maddə var, 33-cü maddəyə də bir stilistik dəyişiklik edilib. Burada göstərilir ki, əgər prokurorluq işçisi ölsə, məhkəmə tərəfindən itmiş, ölmüş hesab edilsə, siyahıdan çıxarılır. Bu siyahının nə hüquqi əhəmiyyəti var, bu siyahı niyə olmalıdır? Ümumiyyətlə, mən elə hesab edirəm ki, bu maddə tamamilə çıxarılmalıdır.
Mənim başqa bir təklifim də var. Bu təklif “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.0.9-cu maddəsinə aiddir. Maddənin birinci cümləsində göstərilir ki, “prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar”. Çox gözəl. Maddənin ikinci cümləsində göstərilir ki, “prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir”. Bu da çox gözəl. Göründüyü kimi, ikinci cümlədə pensiyaya çıxmış işçilər göstərilməmişdir. Ancaq birinci cümlədə onların göstərilməyindən ikinci cümləyə aid olduqları da anlaşılandır. Şübhəsizdir ki, prokurorluqda fəaliyyət göstərən sağlam işçilərlə müqayisədə yaşa görə, əlilliyə görə pensiyaya çıxmış xəstələr müalicəyə daha çox möhtacdırlar. Qanunun qüvvədə olan redaksiyası onun yanlış anlaşılmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün qanunun həmin maddəsində redaksiya düzəlişi aparılmalı və ikinci cümlədə də “prokurorluq işçilərinin” sözlərindən sonra mötərizədə “pensiyaya çıxmış işçilər də daxil olmaqla” sözləri yazılmalıdır.
Yeri gəlmişkən, Siyavuş müəllimin qaldırdığı bir məsələyə mən də toxunmaq istərdim. Elə əvvəlcədən istəyirdim onu deyəm. Söhbət ondan gedir ki, hər bir orqanın – Vergilər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Gömrük Komitəsinin, Sərhəd qoşunlarının özünün bir istintaq orqanı var. Bu, tamamilə pərakəndəlik yaradır və heç bir xeyir vermir. Bu, istintaq təcrübəsinin ümumiləşdirilməsinə, cinayətkarlığın baş vermə səbəblərinin və onun aşkarlanmasına kömək edən halların araşdırılmasına çox mənfi təsir göstərir. Bu, müəyyən dərəcədə özbaşınalığa aparır. Çünki hər bir nazirlik özü yoxlamalar aparır, özü istintaq aparır. Bircə qalır ki, özləri də məhkəmə təşkil edib insanları məhkum etsinlər. Ona görə də biz ya vahid istintaq komitəsi yaratmalıyıq, ya da hüquq mühafizə orqanlarına aid olmayan orqanlardan istintaqı alıb prokurorluğa verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Aydın məsələdir ki, əgər 16-cı maddəyə edilən dəyişiklik olmasa idi, burada prokurorluq orqanlarının sosial təminatı ilə bağlı olan və “Prokurorluq haqqında” Qanunun bir sıra anlayışlarını dəqiqləşdirən, baş vermiş bəzi struktur dəyişikliklərini əks etdirən bu əlavə və dəyişikliklər elə böyük bir ajiotaja və ciddi müzakirəyə səbəb olmazdı. Amma hər halda mən də bir məsələyə öz mövqeyimi bildirməyi lazım bilirəm. Hesab edirəm, konseptual baxımdan bu, bugünkü əlavə və dəyişikliklərə aid olmasa da, hər halda ölkənin istintaq sistemində, həqiqətən, bir qaydanın yaradılmasını çox ciddi bir zərurətə çevirmişdir. Azərbaycan müstəqil dövlət olduqdan sonra keçən bütün müddət ərzində vahid müstəqil istintaq orqanının yaradılması və yaxud bunun prokurorluqda cəmləşdirilməsi məsələsi müzakirə edilir. Lakin təəssüf ki, proseslər əks istiqamətdə inkişaf edir. Mən Milli Məclisi prokurorluq orqanlarında ağsaqqal sayılan İlyas müəllimin, eyni zamanda, Siyavuş Novruzovun bu barədə dediklərini qulaqardına vurmamağa çağırıram.
Burada bizim hörmətli prokurorluq işçiləri iştirak edirlər. Prokurorluq orqanlarının səlahiyyətlərindən biri onların qanunvericilik təşəbbüsü hüququnun olmasıdır. Sözün doğrusu, mən indiyə qədər, hər halda bu 5 illik dövrdə prokurorluq orqanlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi ilə bağlı bir hala rast gəlməmişəm. Hesab edirəm ki, məhz o məsələ barədə ən azı prokurorluq, Baş prokuror qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək müvafiq sənədləri hazırlayıb Milli Məclisə təqdim edə bilər.
Burada çıxışlar səslənir ki, guya ictimaiyyətdə, o cümlədən kütləvi informasiya vasitələrində bu əlavə və dəyişikliklər haqqında doğru olmayan, yanlış və təhrif olunmuş müzakirələr aparılır. Hər halda ictimai aləmdə baş verən istənilən hadisə haqqında düşünmək lazımdır. Niyə məhz bu məsələ ətrafında daha çox müzakirələr aparılır? Mən əminəm ki, məsələn, istintaq orqanları haqqında bu gün istər İlyas müəllim, istərsə də Siyavuş Novruzov tərəfindən səslənən fikirlər o qədər böyük bir müzakirəyə səbəb olmayacaq. Baxmayaraq ki, əhəmiyyətinə görə daha ciddi miqyasa malikdir. Çünki o müddət məsələsi Azərbaycan cəmiyyətinin, Azərbaycanın dövlət quruluşunun, onun hüquq sisteminin hər halda hansısa bir həssas nöqtəsinə toxunur ki, bu cür ciddi müzakirələrə gətirib çıxarır.
Mən burada bir texniki cəhətə də diqqət yetirilməsini istəyirəm. İş elə gətirib ki, referendumdan sonra həm ombudsman haqqında, həm də prokurorluq orqanlarının yüksək vəzifəli şəxsləri haqqında bu məhdudiyyətin aradan götürülməsi Baş prokurorun və yaxud ombudsmanın vəzifə müddətinin qurtarması ilə bir dövrə təsadüf edib. İndi mən burada bu məhdudiyyətin ləğv olunmasını müdafiə edənlərə belə bir sual verirəm. Bu qanun 1999-cu ildə, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu və Heydər Əliyevin prezident olduğu dövrdə qəbul olunubdur. Mənə elə gəlir ki, həmin qanun həm də indi burada iştirak edən bir sıra hüquqşünaslar və bu qanun layihəsini bu gün Milli Məclisə göndərən və bu işin üzərində çalışan şəxslər tərəfindən o vaxt tərtib olunub, təsdiq edilibdir. İndi nə baş vermişdir? Biz guya 10 ildən sonra daha ağıllı olmuş və başa düşmüşük ki, sən demə 10 il bundan əvvəl qəbul edilən həmin norma zərurət deyilmiş, hətta zərərli imiş, yanlışmış və yaxud hansısa ədaləti pozurmuş, kiminsə hüquqlarını pozurmuş və sair və ilaxır. Açığını deyək ki, bu o qədər də inandırıcı görünmür. Çünki indi biz bu məsələyə, məsələn, bir şəxsin iki dəfədən artıq prezident seçilməsi haqqındakı müddəa qədər böyük əhəmiyyət vermirik.
Mən burada Fazil bəyin bu barədə dediyi fikirlə müəyyən mənada razıyam ki, Prezidentlə bağlı o dəyişiklik ediləndən sonra artıq bunun məntiqi davamı olaraq bütün vəzifələrdən bu cür məhdudiyyətin götürülməsi gözləniləndir. Yəqin ki, bu, əks-proses başlayana qədər, – mən əminəm ki, bu proses nə vaxtsa başlayacaqdır, – tətbiq edilməkdə davam edəcəkdir. Çünki bu, siyasi əhəmiyyətinə görə, məsələn, prezident vəzifəsi qədər də mühüm deyildir. Lakin mən bir məqamı vurğulamaq istəyirəm. Vəzifəli şəxsin vəzifəyə müddətsiz təyin olunmasına qoyulan məhdudiyyətlə bağlı norma təxminən 2400 il bundan əvvəl, – hər halda bizə yazılı tarixdən məlum olan budur, – Romada yaradılmışdır və heç də təsadüfən yaradılmamışdır. İstər “JEK” müdiri olsun, istər nazir, istərsə də hər hansı bir şöbə rəisi olsun, bir nəfərin uzun müddət bir vəzifədə işləməsi bir çox fəsadlar törədir. Onların birincisi həmin şəxsin özünün yaradıcılıq imkanları ilə bağlıdır.
Burada bir çox yüksək vəzifəli şəxslər var. Məsələn, indi bizim hörmətli Milli Məclisin Sədri və onun müavinləri artıq 5-ci ilə keçib, bu vəzifədədirlər. Mən əminəm, – çünki eyni proses bir çoxlarında olub, – artıq o vəzifədə hər bir insanın yaradıcılıq potensialı, o vəzifədəki fəallığı, faydalı iş əmsalı tədricən azalır, ona yeni bir vəzifə vermək, onu, ola bilsin, daha yüksək bir vəzifəyə təyin etmək lazım gəlir. Bu başqa bir məsələdir. Yəni bu, işin bir tərəfidir. İkinci tərəfi isə həmin şəxsin əlində istər-istəməz müəyyən bir korporativ marağın əsasında ümumi işin gedişinə mane olan bir hakimiyyətin cəmləşməsidir. O, tədricən orada bir durğunluğa, tədricən qruplaşmalara səbəb olur və sair.
İndi burada müəyyən təkliflər səsləndi. Hörmətli İlyas müəllim hətta dedi ki, bu normanı rayonlarda da ləğv etmək lazımdır. Yəni hər bir rayonda prokurorlar tutduqları vəzifəyə bir neçə dəfə təkrar-təkrar təyin olunsunlar. Halbuki hətta sovet dönəmində də həmin norma tətbiq olunmurdu. İndinin özündə də, heç olmasa, orada “bir qayda olaraq” sözlərinin saxlanması hər halda bu barədə ağıllı düşünən insanların bir cəhdidir ki, bu fəsadların qarşısını almaq mümkün olsun.
Hörmətli Milli Məclis üzvləri, əlbəttə ki, mən artıq qeyd etdiyim kimi, hazırda ölkənin dövlət strukturunda gedən bu dəyişmələrin davam edəcəyi qənaətindəyəm. Baxmayaraq ki, biz, alternativ düşüncə sahibləri, ölkənin demokratik ictimaiyyəti bu məsələdə başqa cür düşünürük. Mən də buna uyğun olaraq bu gün həmin qanun layihəsinin 16-cı maddəsinin əleyhinə səs verəcəyəm, baxmayaraq ki, sosial təminat məsələləri və digər məsələlərlə bağlı əlavə və dəyişikliklərin əleyhinə deyiləm. Onlar müsbət dəyişiklik və əlavələrdir.
Bunun yalnız bir şəxslə əlaqələndirilməsi də düz deyildir. Mətbuat, əlbəttə, bunu daha çox indiki Baş prokuror Zakir Qaralovla əlaqələndirir, “Zakir Qaralov qeyri-məhdud seçildi, ömürlük seçildi” kimi nəticələr çıxarır. Hesab edirəm ki, 16-cı maddəyə edilən dəyişiklik bu şəxsiyyətlə də qətiyyən bağlı deyil. Mən Zakir Qaralovla şəxsən tanış deyiləm, amma onun haqqında çox müxtəlif fikirlər eşitmişəm. Məsələn, əleyhinə danışanlar da var. Prokurorluqdakı islahatın məhz Zakir Qaralovun şəxsiyyətinə görə getdiyini deyənlər də var. Mən həm bir vətəndaş, həm də məhkəmə və prokurorluq sistemi ilə şəxsən bir çox münasibətləri olan şəxs və deputat kimi sizə deyim ki, mənim qənaətimə görə, indi ölkəmizin hüquq mühafizə orqanlarında korrupsiyadan danışmaq mümkündürsə, qeyd edilməlidir ki, bu gün korrupsiya daha çox aşağı səviyyə prokurorluq orqanlarındadır. Həqiqətən, bir sıra rayonlarda prokurorluq orqanları, belə demək mümkündürsə, hüquq mühafizə orqanlarının bir aristokratik təbəqəsinə çevrilmişdir. Bu qeyd olunmalıdır və bunun bizim yuxarıda qeyd etdiyimiz məsələlərə bir aidiyyəti yoxdur. O baxımdan bu bir tarixdir, danışdığımız da stenoqrama düşür və tarixdə qalacaqdır. Mən əminəm ki, çox keçməyəcək, ən uzağı 10 ildən sonra biz bu normanı bərpa edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn, yəqin, Sizin o suallara Əli müəllim cavab verəcək. Siz faydalı iş əmsalından danışdınız. Adam var ki, onun faydalı iş əmsalı 1 ilə çatır, adam var 5 ilə, adam var 10 ilə çatır. O faydalı iş əmsalını xalq müəyyən edir. Məsələn, sənin faydalı iş əmsalın 1 ilə çatmışdır. Sən məni dedin, müavinlərimi dedin. Mən də deyim ki, sənin faydalı iş əmsalın 1 ilə çatdı. Biz nə edək, günah bizdədir? Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mənə elə gəlir ki, enerjimizi Pənah Hüseynin mənasız çıxışına sərf etməyə dəyməz. Ona görə ki, deyir, bu qanun 1999-cu ildə qəbul edilib və indi nə baş verib ki, biz bu qanuna əlavə və düzəlişlər edirik? Birincisi, üstündən 10 il keçib, ikincisi, cəmiyyət dəyişir, inkişaf edir, ölkənin hüquq sistemi təkmilləşir, yeniləşir. Ən başlıcası, – məndən öncə burada deyildi, – Konstitusiyamıza əlavə və dəyişikliklər etmişik və buna müvafiq olaraq qanunvericiliyimizdə də adekvat dəyişikliklər etməliyik. Bu bir zərurətdir və bu adekvat dəyişikliyin ortada olması hər hansı bir şəxslə, hər hansı bir proseslə bağlı deyil. Bu, sadəcə, zamanın tələbidir.
Mən bunun hüquqi tərəfləri üzərində dayanmayacağam. Məndən əvvəl çıxış edən həmkarlarım bunu çox dəqiq və ətraflı şəkildə izah etdilər. Bu gün Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə həm prokurorluq, həm daxili işlər, həm də milli təhlükəsizlik orqanlarımız kifayət qədər ardıcıl iş aparırlar. Bunun nəticəsidir ki, bu gün MDB məkanında cinayətkarlığın ən aşağı səviyyədə olduğu ölkə Azərbaycandır. Məhkumların sayı baxımından da Azərbaycan MDB-də ən aşağı yerdədir. Yəni cinayətlərin açılması, məhkumların sayının az olması Azərbaycanda həm profilaktik olaraq cinayətkarlığa qarşı mübarizənin əsaslı, proqramlı şəkildə aparıldığını, həm də hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının bu yöndə ardıcıl iş apardığını göstərir.
Əlbəttə, 16-cı maddə ətrafında həm KİV-də, həm də bəzi dairələrdə ajiotaj yaratmağa çalışırlar. Amma bu ajiotaja heç bir əsas yoxdur. Burada məndən öncə deyildi. Mən istərdim ki, biz qanunvericiliyimizdə bir məntiqi ardıcıllıq və eyniyyəti gözləyək. Əgər biz bütövlükdə müddət məhdudiyyətini götürürüksə, hesab edirəm, 16-cı maddədəki ərazi və ixtisaslaşdırılmış prokurorlarla bağlı məsələdə də bu eyniyyətə fikir verməli və buradakı məhdudiyyəti də götürməliyik. Əslində, bu vəzifə üçün müəyyən edilmiş 5 il müddəti qalır. Amma söhbət dalbadal davamlı olaraq seçilməkdən gedirsə, bu, aradan qaldırılır. Bunun da məntiqi əsası vardır və bu bizim dövlət idarəçiliyi sistemində baş verən dəyişikliklərlə bağlıdır. Mən maraqlandım və mütəxəssislərdən öyrəndim ki, dünyanın heç bir yerində hüquq mühafizə orqanlarında bu tipli məhdudiyyətlər yoxdur. Ola bilsin, demokratiya yoluna yeni qədəm qoyan, yeni müstəqillik qazanan ölkələrdə bu məhdudiyyətlər istisna kimi vardır. Amma biz artıq müstəqilliyimizin gənclik dövründəyik. Yəni biz o çətin dövrü arxada buraxmışıq və bizim iqtisadi-siyasi inkişafımıza uyğun şəkildə də qanunlarımıza dəyişiklik etməyə ehtiyac vardır.
Hörmətli İlyas müəllim qanunların əsaslandırılması ilə bağlı bir fikir söylədi. Konstitusiyaya istinad etdi. Mən Hüquq siyasəti komitəsinin üzvü olduğuma görə istərdim buna öz baxışımı bildirim. Qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra ilk öncə komitələrdə müzakirə olunur. Komitələrdə müzakirə zamanı komitə sədri və yaxud qanunvericilik təşəbbüsü ilə burada iştirak edən nümayəndələr onu kifayət qədər əsaslandırırlar. Konstitusiyada yazılmayıb ki, yazılı şəkildə olsun, ya şifahi şəkildə olsun. Burada Əli Hüseynov komitə sədri olaraq bu qanun layihəsini kifayət qədər məntiqli və təkmil şəkildə, peşəkarcasına təqdim etdi və izah etdi. Bunun zəruri tərəflərini də qeyd etdi. Bu təqdimatdan, bu izahatdan sonra hansısa yazılı izahata nə ehtiyac vardır? Bu izahat qanunun özündə də verilir. Hər dəfə qanun təqdim olunanda bu qanunun preambulası bu qanunun zəruriliyini əsaslandırır. Biz konseptual şəkildə qanuna yanaşanda da bunun zəruriliyi ilə bağlı kifayət qədər lehinə və əleyhinə fikirlər söyləyirik. Ona görə də qanunun yazılı şəkildə əsaslandırıldığı arayışın təqdim olunmasına, məncə, heç bir ehtiyac yoxdur. Biz hamımız deputatıq, qanunvericilik təşəbbüsü hüququmuz vardır və hər bir qanunun nəyə görə təqdim olunduğunu özümüz də bilirik. Ona görə elə hesab edirəm ki, bu irad, hər halda mənim düşüncəmə görə, doğru deyildir.
Yenə fikrimə qayıdıram ki, bu qanun dəyişikliyi olduqca zəruridir. Burada məndən öncə də qeyd olundu ki, prokurorluq orqanlarının sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan məsələlər digər hüquq mühafizə orqanlarında olan məsələləri tamamlamaq məqsədi daşıyır. Yəni biz sosial müdafiə məsələlərində hüquq mühafizə orqanları arasında fərqlər qoymamalı və bu işləri ardıcıl şəkildə həyata keçirməliyik.
Digər tərəfdən, əgər bir şəxs uzun müddət biz vəzifədə çalışırsa, öz işinin öhdəsindən kifayət qədər gələ bilirsə, həmin şəxsin davamlı olaraq vəzifə daşıması, əlbəttə, lazımdır. Doğrudur, qədim Romada konsullar və sair vəzifəli şəxslər üçün səlahiyyət müddəti qoyulurdu. O da bəllidir ki, Roma axırda imperiyaya çevrildi. İmperator atını senata gətirib dedi ki, bu mənim deputatımdır, mənim senatımın üzvüdür. O məhdudiyyət axırda əks nəticəyə gətirib çıxarır. Ona görə də təşəbbüskar, qabiliyyətli insanlara azadlıq verilməli, şərait yaradılmalıdır ki, cəmiyyətə, Vətənə, dövlətə xidmət göstərsinlər.
Deputatların, yaxud rəhbərliyin passivliyi ilə bağlı danışmaqsa absurddur. Binanın özü parlament rəhbərliyinin aktivliyinin göstəricisidir. Bunu mən kiməsə xoş gəlmək üçün demirəm. Biz hansısa şəxslərə yönəli fəaliyyət göstərməməliyik. Kim özünü passiv sayırsa, seçicilərinə müraciət eləsin, desin ki, məni bir də seçməyin, çünki mən passivləşmişəm.
Mən bu qanunun tərəfdarıyam. Bunun lehinə səs verəcəyəm. Parlamenti də buna səs verməyə çağırıram.
Sədrlik edən. Təkid eləyən yoxdur? Mənə dedilər ki, Qüdrət Həsənquliyevin bu məsələ ilə bağlı sözü var. Rövşən Rzayev, sən komitənin üzvüsən, özün müzakirə eləmisən. İndi Abel Məhərrəmova, sonra Qüdrət Həsənquliyevə söz verək, ondan sonra səsə qoyaq. Buyurun, Abel müəllim.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Birbaşa mətləbə keçəcəyəm. Təklif edirəm ki, müzakirələr beş dəqiqədən artıq olmasın. Yazılanlar da çoxdur. Mən bir misal çəkmək istəyirəm. Nə Baş prokuror universiteti var, nə rektor, nə nazir, nə də spiker universiteti var. Hərə o vəzifələrə həyatda yetişə-yetişə, addım-addım irəli gedərək gəlib çıxır. Ola bilər, universitetdən yüz hüquqşünas buraxırıq. Ancaq hamı Baş prokuror ola bilməz. Hamı ölkənin ali orqanlarının rəhbərlərinə çevrilə bilməz. Bunlar ağrılı-əzablı yollar keçirlər. Çətin günlər keçirirlər, yaxşı oxuyurlar, bir mərhələdə özünü göstərirlər. Məsələn, Zakir Qaralov Bakının hansısa rayonunun prokuroru idi. Sonra Gəncə şəhərinə prokuror oldu. İndi respublikanın Baş prokurorudur. Mən hesab edirəm ki, Zakir Qaralov Baş prokuror vəzifəsində işlədiyi müddətdə ilbəil daha da təkmilləşib. Necə ki, mən, Abel Məhərrəmov on ildən bir az çoxdur rektor işləyirəm. Açıq danışmaq lazımdır, mən indi rektorluğumun birinci ilində düşündüyüm kimi düşünmürəm. Biz, əlbəttə, işgüzar insanlardan danışırıq. Yoxsa tənbəl bir insan haqqında danışsaq, bu müzakirələr geniş vüsət ala bilər.
Başqa bir misal deyim. Türkiyədə rektorları iki dördilliyə seçirlər. Düzdür, orada da seçim belədir ki, namizədi əvvəl universitetin 4-5 nəfərdən ibarət elmi şurası seçir, sonra prezident onun tərcümeyi-halına baxır, məsləhət bilirsə, vəzifəyə təyin edir. O yoldaşlarla söhbət zamanı təcrübədə nə gördüm? Birinci 4 ildə rektor çox yaxşı işləyir. İkinci 4 ildə bilir ki, yaxşı işləsə də, pis işləsə də bunu çıxaracaqlar, öz taleyi haqqında fikirləşməyə başlayır. Azərbaycanda da bu, reallıqdır.
Bu yaxınlarda ombudsmanımız Elmira Süleymanovanın hesabatını dinlədik. Açığını deyim ki, o, Azərbaycanda bir ombudsman təsisatı yaradıb. Bunu min bir əzab-əziyyətlə yaradan adam qala-qala, onun yerinə qəzetlər o namizədi verdilər, bu namizədi verdilər. Axırda biz çox düzgün qərar qəbul elədik. Prezident seçkilərində də səlahiyyət müddətinin artırılmasında çox düzgün addım atıldı.
Bir də ona qayıdıram ki, işgüzar adam ilbəil qabağa getdikcə daha çox təkmilləşir. İkinci tərəfdən bu gün bizdə parlament üsuli-idarəsi deyil, prezident üsul-idarəsidir. Prezidentin öz siyasəti var. Dövlətin əsas dayaqlarından biri hüquq mühafizə orqanlarıdır. Prezidentimiz onları seçməlidir, onlarla işləməlidir. Mən soruşuram, əgər yaxşı işləyirsə, zəngin təcrübə toplayıbsa, niyə onu çıxaraq, yerinə təcrübəsiz bir adamı gətirib qoyaq? Təcrübəli bir insanın əlindən sükanı alırıq, deyirik, ay təcrübəsiz, gəl sən otur, Azərbaycan cəmiyyətinin müəyyən qolunu sən idarə et.
Bu gün də düşüncələrimizi Zakir Qaralovun üzərinə transfer edirik. Mən də bu barədə açıq danışmaq istəyirəm. Niyə onu çıxarıb yenisini gətirməliyik? Düzdür, Prezidentimizin səlahiyyətindədir, əgər onun işində qüsur olsa, onu istənilən vaxt çıxaracaq. Mən ona görə o düzəlişi tamamilə bəyənirəm.
Bu layihədə üç istiqamətdə düzəliş təklif olunub. Birincisi prokurorluq orqanlarında işləyənlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır ki, buna hamımız ikiəlli razıyıq. İkincisi medalların təltif olunmasıdır. Üçüncüsü və ən vacibi də böyük diskussiyaya səbəb olan 16-cı maddədir ki, bunu heç geniş müzakirə etməyə ehtiyac yoxdur. Ancaq mən də bu maddədəki “Ərazi və ixtisaslaşdırılmış prokurorlar həmin vəzifəyə iki dəfədən artıq təyin edilə bilməzlər” cümləsində “prokurorlar” sözündən sonra “bir qayda olaraq” sözlərinin yazılmasının tərəfdarıyam, çünki onlar da rayonlara gedir, olduqları yerə isinişir, uyğunlaşırlar. Bəziləri ev tikir, orada qalmaq istəyirlər. Amma bir də görürsən, 5 ildən sonra xəbər gəlir ki, səni hansısa başqa bir rayona atacaqlar. İndi də o rayon haqqında fikirləşməyə başlayır. Ona görə təklif olunur ki, “bir qayda olaraq” yazılsın.
Bir məsələ ilə də əlaqədar fikrimi sizinlə bölüşmək istəyirəm. Əgər biz 16-cı maddədən səlahiyyət müddəti barədə müddəanı çıxarırıqsa, niyə 5 illik müddət barədə müddəa burada qalmalıdır? 5 il keçdikdən sonra, yəqin, Prezidentimizin bir sərəncamı olmalıdır ki, bunun 5 ili tamam oldu, yenidən təsdiq olunsun, bir beş il də keçdi, yenə sərəncam olmalıdır ki, yenidən təsdiq olunsun. Onsuz da bu işin öhdəsindən gəlməyən adam vaxtından əvvəl vəzifəsindən çıxarılır. Niyə onda 5 il barədə müddəa burada qalmalıdır? Mən bunda bir məntiq görmürəm. Mən təklif edirəm, o 5 il müddəti ikinci bənddə olan ərazi prokurorlarına aid eləyək.
Bütün bunları deməklə yanaşı bir də vurğulayıram ki, layihə, doğrudan da, gözəl hazırlanıb. Oqtay müəllimə, komitə sədrlərinə, bunu yazanlara aktual məsələni müzakirəyə çıxardıqlarına görə təşəkkürümü bildirirəm. Nəhayət, həmkarlarımdan xahiş edirəm ki, bu qərar layihəsinə yekdilliklə səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Oqtay müəllim, söz verdiyiniz üçün çox sağ olun. Mərhum Prezidentimiz Heydər Əliyev vaxtilə ölkədə hüquqi islahatların aparılması məqsədilə hüquq komissiyasını yaratmışdı. Mənim fikrimcə, o komissiyanın fəaliyyətinin bərpa olunmasına, lazım gələrsə, onun tərkibində dəyişikliklər edilməsinə böyük bir ehtiyac var. Burada məndən öncə çıxış eləyən həmkarlarım da söylədilər, Prezident seçkiləri zamanı mən də söyləmişdim ki, ölkədə Baş prokurorun yanında vahid dövlət istintaq komitəsi yaradılmalıdır. Digər dövlət orqanlarında olan istintaq qurumları vahid bir təhqiqat orqanına çevrilməli, bu və ya digər cinayət faktı aşkar elədikdə müvafiq materialları toplayıb həmin istintaq orqanına təqdim eləməlidirlər. Doğrudan da, ölkədə bu qədər istintaq orqanı ola bilməz. Cinayət işi başlanana qədər bu və ya digər qanun pozuntusuna yol verilirsə, eyni istintaq orqanı öz nüfuzunu, öz çinini qorumaq üçün istintaq zamanı həmin nöqsanları aşkar eləyib ortaya çıxarmır. Bunu nəzərə almalıyıq.
Hesab edirəm ki, ümumiyyətlə, ölkədə əgər hərbiləşdirilmiş strukturlar varsa, müəyyən insanlara səlahiyyət və silah verilirsə, onun üzərində mütləq mülki nəzarət olmalıdır. Bu olmayan halda həmin silah bir çox hallarda vətəndaşların özünə qarşı çevrilir. Biz Hacı Məmmədovun silahlı dəstəsi ilə bağlı cinayət işində bunu gördük. Ona görə, – burada İlyas müəllim də söylədi, – hesab edirəm ki, prokurorluğun nəzarət funksiyası bərpa olunmalıdır. Hüquq mühafizə orqanları içərisində elitar orqan kimi prokurorluğun nüfuzunun artırılması üçün Milli Məclis və ilk növbədə prokurorluq işçilərinin özləri ciddi fəaliyyət göstərməlidirlər.
Mən gözləyirdim ki, burada səlahiyyət müddətinin götürülməsi əleyhinə çıxış eləyənlər inkişaf etmiş ölkələrin təcrübəsinə istinad eləyərlər, necə ki, referendumda istinad edirdilər, amma eləmədilər. Ona görə ki, belə bir təcrübə yoxdur. Amerika Birləşmiş Ştatlarında baş prokuror həm ədliyyə, həm də daxili işlər naziri funksiyasını yerinə yetirir, Ali Məhkəmənin üzvlərinin, federal prokurorların təyin olunması ilə bağlı təqdimat verir, tutulmuş şəxslərin saxlanılmasını yerinə yetirən marşal vəzifəsini yerinə yetirir. Azərbaycanda prokurorluğun malik olduğu səlahiyyətlərdən bəlkə də on dəfə artıq səlahiyyətlərə malikdir. Amma orada heç bir məhdudiyyət yoxdur və hər dəfə prezident özü bilir, kimi bu vəzifəyə təyin edir. Söhbət əgər prezidentli respublikalardan gedirsə, Fransanı götürək. Fransada da baş prokuror eynilə ədliyyə naziri funksiyasını yerinə yetirir,
Bəzən məsələnin mahiyyəti qalır qıraqda, biz ikinci dərəcəli məsələlərdən danışırıq. Dünyanın iqtisadi cəhətdən daha çox inkişaf etmiş ikinci ölkəsi olan Yaponiyanın nümunəsi göz qabağındadır. 11 illik fasilə ilə hakim partiya düz 50 ildir Yaponiyanı idarə edir. İqtisadi azadlıqlar, siyasi azadlıqlar baxımından Yaponiya dünyanın ən inkişaf etmiş, ən azad ölkəsidir. Ona görə bu və ya digər məsələyə etiraz eləyəndə o məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır.
Oqtay müəllim, mən çıxışımı bununla yekunlaşdırıram. Çox istərdim ki, bu islahatlarla bağlı məsələnin yenidən gündəmə gətirilməsində Milli Məclisin rəhbərliyi kimi Siz də rol oynayasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm, izahata ehtiyac yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.27 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Keçirik gündəliyin növbəti məsələsinə. Bildiyiniz kimi, bu gün gündəliyimizdə beş məsələ İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədədir. Təklif belədir ki, Əli müəllim onları bir yerdə təqdim eləsin və paket şəklində səsə qoyaq. Etiraz yoxdur ki? Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Sağ olun, cənab Sədr. Bunların hər biri kiçik məsələdir və hər biri haqqında qısaca məlumat verəcəyəm. İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəliş texniki düzəlişdir. 237-ci maddə ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı ilə bağlıdır və orada cərimə sanksiyası nəzərdə tutulub. Amma biz onun aidiyyəti məsələsini həll etməmişik. 366-cı maddədə təklif olunur ki, bu məsələ aidiyyəti rayon məhkəmələrinə aid olan işlər siyahısında qeyd olunsun. Bu birinci məsələ ilə bağlıdır.
İkinci məsələ inzibati xətalar haqqında işlərə baxmalı olan səlahiyyətli orqanlarla bağlı 357-ci maddəyə edilən dəyişiklikdir. Bilirsiniz ki, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, o cümlədən seçki komissiyaları da mövcud idi. Amma biz Seçki Məcəlləsində dəyişikliklər etdik. Bu gün seçki komissiyaları inzibati işlərə baxan orqan deyil. Bütün bu işlərin səlahiyyəti məhkəmələrə verilib. Ona görə İnzibati Xətalar Məcəlləsindən 358-1-ci maddənin çıxarılması tövsiyə olunur. Bu cür mübahisələr ancaq məhkəmədə həllini tapır.
Üçüncüsü, təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə 223-10-cu maddə əlavə olunsun. Bu maddədə ixrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. İxrac məqsədli neft-qaz fəaliyyətini tənzimləyən yeni bir qanunvericilik aktı qəbul etmişdik. Həmin qanunun müddəalarından irəli gələrək, belə bir inzibati xəta, yəni bu qaydaların pozulması inzibati xəta hesab olunur. Ona görə də cərimə sanksiyası nəzərdə tutulur. Eyni zamanda, bu işlərin rayon məhkəmələrində həll olunması öz əksini tapmış olur.
Dördüncü məsələ İnzibati Xətalar Məcəlləsinə həm əlavədir, həm də dəyişiklikdir. Dəyişiklik bütövlükdə inzibati cərimə maddəsi ilə bağlıdır. Mövcud Inzibati Xətalar Məcəlləsində inzibati cərimənin miqdarının manatla hesablanması nəzərdə tutulur. İnzibati xətaya görə fiziki şəxslərdən alınan inzibati cərimənin maksimum miqdarı min manat, vəzifəli şəxslər üçün beş min manat, hüquqi şəxslər üçün isə əlli min manat müəyyənləşdirilib. Bu maksimumdur. Bilirsiniz ki, bütövlükdə ölkəmizin iqtisadi inkişafı və bəzən də bu inkişafın özü ilə yanaşı, neqativ hallar, həmçinin bu neqativ halların qarşısının alınması daha ciddi cərimə sanksiyalarının tətbiq olunmasını nəzərdə tutur. Amma İnzibati Xətalar Məcəlləsində cərimələrin maksimum miqdarı qeyd olunub. Yəni bundan yüksək mümkün deyil. Açığını deyim ki, bizim baş-qa xətalara görə sanksiyaları qaldırmaq niyyətimiz var.
Mühüm bir norma 25-ci maddə ilə bağlıdır. Ona görə də təklif olunur ki, “İnzibati cərimə” adlanan 25-ci maddədə bu sanksiyanın son hədləri artırılsın. Fiziki şəxslərlə bağlı üç min manat, vəzifəli şəxslərlə bağlı maksimum on min manat müəyyənləşdirilsin. Hüquqi şəxslərlə bağlı isə olduğu kimi əlli min manat qalır. Bu ümumi olan bir dəyişiklikdir.
92.2-ci maddədə isə həm dəyişiklik, həm də yenilik var. Bu, Meşə Fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə sanksiyaların artırılmasıdır. Yəqin, hamımız xatırlayırıq ki, cənab Prezident də sonuncu müşavirələrin birində bu məsələyə xüsusi diqqət yetirmişdir. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması baxımından, habelə bu qəbildən olan xətaların qarşısının alınması baxımından əhəmiyyətlidir. Sadəcə, fürsətdən istifadə edib, qeyd etmək və ümidvar olmaq istəyirik ki, müvafiq orqanlar tərəfindən bu cərimələr tətbiq olunacaqdır.
Nəhayət, sonuncu dəyişiklik dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə təsərrüfat, fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə sanksiyaların artırılmasıdır. Mövcud variantda xəzinədarlıq orqanlarında və büdcə təşkilatlarında vəzifəli şəxslərin qırx manatdan doxsan manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulur. Açığı, sizə deyim ki, bizim məcəllədən həmin cərimələrlə bağlı bir çox maddələr çıxarılıb. Yəqin, siz də razılaşarsınız ki, bu xətaya görə bu gün qırx və ya doxsan manat məbləğində sanksiyanın heç bir əhəmiyyəti olmaz. Təklif olunur ki, bu xətaya görə dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə tətbiq edilsin. Beş məsələdir. Təklif edirik ki, bunlar paket şəklində təqdim olunduğuna görə bir səsvermə ilə həll oluna bilər. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
Birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Başqa sualı olan, çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, on beşinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Burada bizim komitəyə aid olan hissə birinci bəndlə bağlıdır və İnzibati Xətalar Məcəlləsinə texniki düzəlişdir. 190-cı maddədən “və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması” sözlərinin çıxarılması təklif olunur. Burada mübahisəli bir məsələ yoxdur. Digər məsələ ilə bağlı, yəqin ki, müvafiq komitə sədrləri məlumat verəcəklər.
Sədrlik edən. Bəli, bu, Aqrar siyasət komitəsində də müzakirə olunub. Eldar müəllim, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Bizim komitədə də “Fitosanitar nəzarəti haqqında” Qanuna və “Atçılıq haqqında” Qanuna dəyişiklik müzakirə olunub. Bunlar, əsasən, texniki xarakter daşıyır. “Fitosanitar nəzarəti haqqında” Qanunun 10-cu maddəsində “şəxsləri uçota götürmək” sözlərinin “şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq” sözləri ilə əvəz olunması təklif olunur. “Atçılıq haqqında” Qanunda da eyni məsələdir. Bir də 6.1.7-ci, 10.2-ci və 10.3-cü maddələr çıxarılır. Yəni bu dəyişikliklər aparılandan sonra həmin maddələr əhəmiyyətini itirdiyinə görə bunların çıxarılması normaldır. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Buyurun, xahiş edirəm, 15-ci məsələyə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 17.36 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyimizin axırıncı məsələsi barədə, yəni Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verəcək. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Qeyd etmək istəyirəm ki, Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının indiki müasir mərhələsində müzakirə olunan ən vacib məsələlərdən biridir.
Hamımıza məlumdur ki, son dövrlər məhkəmə-hüquq islahatları ilə, ümumiyyətlə, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Eyni zamanda, məhkəmələrin fəaliyyəti haqqında informasiyanın əldə olunması, habelə məhkəmələrin hakimiyyətin bir qolu kimi cəmiyyət üçün daha açıq olması, daha geniş informasiyanın əldə olunması məsələsi gündəmdədir. Bizim Konstitusiyaya etdiyimiz sonuncu əlavələrdə və düzəlişlərdə də belə bir fikir öz əksini tapmışdır ki, Ali Məhkəmənin qərarları dərc olunmalıdır. Belə demək mümkünsə, artıq bu gün həmin sahədə müəyyən uğurlar, müəyyən mütərəqqi addımlar var. Hazırda Ali Məhkəmənin qərarlarını internet saytında görmək mümkündür. Bir sıra məhkəmə orqanlarının saytlarının yaradılması ilə bağlı da Məhkəmə-Hüquq Şurasının tövsiyəsi ilə işlər həyata keçirilir. Eyni zamanda, problemlər də mövcuddur.
Problemlərin bir hissəsi onunla bağlıdır ki, məhkəmənin fəaliyyəti spesifikdir. Yəni məhkəmə orqanlarının fəaliyyəti, məhkəmə prosesi, onun haqqında informasiyanın əldə olunması, sözsüz ki, cəmiyyət üçün nə qədər vacibdirsə, həmin informasiyanın obyektiv olaraq cəmiyyətə çatdırılması da bir o qədər vacibdir. Düşünürəm ki, bir sıra hallarda burada ziddiyyətlər, xoşagəlməz hallar da mövcuddur. Bəzən informasiyanın verilməsi, yaxud qeyri-obyektiv verilməsi, əslində, məhkəmənin müstəqilliyinə də təsir göstərən bir amildir.
Qanun layihəsi beş fəsildən və 25 maddədən ibarətdir. Çox lakonikdir. Ziyafət müəllim, qanun layihəsi kiçik olmasına baxmayaraq, hesab edirəm ki, indiki mərhələdə bizim islahatlarımıza çox geniş töhfə verəcəkdir. Layihə birinci oxunuşda təqdim olunub. Onun qəbul edilməsinin zərurəti ilə bağlı fikirləri mən açıqladım. Bu ilk növbədə məhkəmənin fəaliyyətinin ictimaiyyət, cəmiyyət üçün açıq olmasından irəli gəlir. Sözsüz ki, növbəti oxunuşlarda biz hər hansı bir təklif, irad olarsa, işçi qrupunda onları nəzərə almağa hazırıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Mən müzakirəyə keçməzdən əvvəl qeyd eləmək istəyirəm ki, sözün həqiqi mənasında, bu gün də Azərbaycanda hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı islahatlar davam edir. Hesab edirəm ki, bu qanun layihəsi həmin islahatların davamının bariz nümunəsidir. Yəni hüquq mühafizə orqanlarının, xüsusilə məhkəmə orqanlarının fəaliyyətinin şəffaflığı baxımından olduqca sanballı bir qanun layihəsidir. Ona görə də hesab edirəm ki, müzakirə məhsuldar olacaq. Çünki məhkəmələrin fəaliyyəti ilə, istər-istəməz, hər bir vətəndaş rastlaşır. Elmira xanım Axundova, buyurun.
E. Axundova. Doğrudan da, təqdim edilən qanun layihəsi aktual və vacibdir. O, məhkəmələrlə kütləvi informasiya vasitələri arasında münasibətləri tənzimləyir. Hətta mən təəssüf elədim ki, bu qanun layihəsi öz məhsulumuz deyil. Yəni Milli Məclisə yenə də yuxarıdan gəlib. Halbuki biz özümüz də belə bir gözəl qanun layihəsi hazırlaya bilərdik. Təəssüf elədim ki, biz bunu eləmədik. Vaxtında müzakirə olunan qanun layihəsidir və onun lehinə səs verəcəyəm. Lakin bir neçə qeydim var.
Sədrlik edən. Elmira xanım, sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Sizdən başqa çıxışa yazılanlar da var, vaxtımıza isə yarım saat qalıb. Əgər etiraz eləməsəniz, beş dəqiqə danışın. Buyurun.
E. Axundova. Mən üç dəqiqəyə çıxışımı qurtararam. Mənim iki qeydim var. Birincisi 19-cu maddəyə aiddir. Deməli, burada söhbət məhkəmələrin fəaliyyəti haqqında informasiyanın təqdim edilməsini istisna edən hallardan gedir. Məncə, burada istisna halları bir çoxdur. Fikir verin, poçt və ya elektron poçt ünvanı düzgün göstərilmədikdə, məhkəmələr sorğu edilən informasiyaya malik olmadıqda, istifadəçinin konkret hansı informasiyanı əldə etmək istədiyini dəqiqləşdirmək mümkün olmadıqda və sair. Bunların hamısı bir qədər subyektiv amillərdir. Sizi inandırım ki, belə istisnalarla istənilən informasiyanı verməkdən imtina oluna bilər.
Mən özüm uzun illər qəzetdə və radioda işləmişəm, dəfələrlə bu və ya digər komitəyə, hansısa orqana müraciət edəndə çox vaxt cavab eşitmişəm ki, biz bu informasiyaya malik deyilik. Vəssalam. Ona görə də informasiyanı təqdim etməkdən imtina yalnız o vaxt olar ki, bu informasiya məhkəmə prosesində iştirakçıların təhlükəsizliyinə maneə törətsin, dövlət sirri olsun. Bu iki haldan başqa qalan hallarda informasiya verilməlidir və o, məhdudlaşdırıla bilməz. Bax, əsas qeydim budur. Xahiş edirəm, buna ciddi fikir verək.
Bir sualım da var. Qanun layihəsində iki maddə internetə həsr olunub və başa düşüləndir. Amma foto, kino, videoçəkilişi haqqında mən bircə cümlə də tapa bilmədim. Ümumiyyətlə, başa düşmədim, məhkəmə iclasları zamanı kino, videoçəkilişi aparmaq olar, ya yox? Bax, bu suala cavab istəyirəm. Bu barədə qanun layihəsində bircə cümlə də yoxdur, amma olmalıdır.
Mənə elə gəlir ki, KİV-lərin elektron vasitələri qəzet, informasiya agentliklərindən xeyli dərəcədə fərqlidir. Həm iş üslubuna görə, həm də əhatəliyinə və təsir gücünə görə. Onların məhkəmələrlə münasibətləri bu layihədə mütləq ayrıca bənddə, yaxud maddədə öz əksini tapmalıdır. Ümumiyyətlə, yaxşı olardı ki, belə qanunlar üzərində işləyək. Təkcə hüquqşünaslar yox, eyni zamanda, jurnalistika ilə məşğul olan, yaxud jurnalistika üzrə ekspert olan insanlar da bu işə cəlb olunmalıdır. Mən bilmirəm, bu qanunu konkret kim hazırlayıb? Onda hər iki tərəfin marağı gözləniləcək və əks olunacaq.
Məsələn, hesab edirəm ki, bu sahədə Milli Məclisdə qəbul edilən ən mütərəqqi və ən dolğun qanun ümummilli liderimizin dövründə professional jurnalist olan millət vəkili Səyyad Aran tərəfindən hazırlanıb. Mən jurnalistikada dərs deyərkən bu qanunu bütün postsovet məkanında nümunə kimi, misal kimi çəkirəm. Ona görə “Kütləvi informasiya vasitələri haqqında” Qanunu, yaxud digər qanun layihələri hazırlanarkən, heç olmasa, millət vəkillərindən olan jurnalistlərlə məsləhətləşmələr aparılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, mən də hesab edirəm ki, bu çox ciddi, insan hüquq və azadlıqlarına uyğun gələn bir qanun layihəsidir. Hətta hörmətli Siyavuş Novruzovun qiymətləndirmə şkalası ilə desək, son illərdə qəbul olunan ən ədalətli qanunlardan biridir. Bu qanun layihəsində elə müddəalar nəzərdə tutulub ki, demokratik ölkələr üçün həmin müddəaların vacibliyini artıq müzakirə eləməyə belə dəyməz. Amma qanunda texniki tərəfdən müəyyən nöqsanlar var və təbii ki, mən də bu konsepsiya ilə razıyam. Eyni zamanda, Elmira xanımın dediyi müddəaları da tam şəkildə dəstəkləyirəm. Təkrarçılığa yol verməmək üçün həmin məsələlərin üzərinə gəlmək istəmirəm. Bu prosesdə işin rahatlığı üçün, asanlaşdırılması üçün, həqiqətən də, internetdən də, başqa vasitələrdən də istifadə vacibdir.
Qanunun “Əsas anlayışlar” hissəsində və bütövlükdə layihədə gedir: “Məhkəmə-Hüquq Şurasının Aparatı”. Mən hörmətli Əli müəllimdən xahiş edərdim ki, ümumiyyətlə, “Aparatı” sözü Məhkəmə-Hüquq Şurasına aid edilirsə, onda “müvafiq icra orqanının da aparatı” yazılmalıdır. Ona görə də, məncə, burada bütün yerlərdə “Məhkəmə-Hüquq Şurası” yazılmalıdır. İndi onun aparatımı olacaq, yoxsa başqa bir strukturumu olacaq, onda başqa formada, yəni gündəlik praktik fəaliyyətdə bu addan istifadə oluna bilər. Amma qanunda bu cür istifadə doğru deyil.
3-cü maddədə “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulmuş prinsiplərin göstərilməsi, yəni bir qanunun başqa qanuna istinad eləməsi, əslində, bir az doğru səslənmir. Məncə, orada nəzərdə tutulan və bu qanuna aid olan prinsiplər təkrarlanmalıdır və burada göstərilməlidir.
6-cı maddədə tələb olunan informasiyanın şifahi və yazılı formada, o cümlədən elektron poçt vasitəsilə verilməsi nəzərdə tutulur. Məncə, buraya mütləq əlavə olunmalıdır: “informasiya alanın tələbinə uyğun olaraq, şifahi və yazılı formada”. Çünki bu tələbin əsasında məhkəmə informasiyanın şifahi, yaxud yazılı formada olmasını özü müəyyən eləməməlidir. Ona görə bu tələb əsas götürülməlidir.
7-ci maddədə, konkret olaraq 7.3-cü və 7.0.4-cü maddələrdə nəzərdə tutulan şikayət vermək və müəyyən edilmiş qaydada ziyanın ödənilməsini tələb eləmək məsələsi, məncə, 22-ci maddədə verilməlidir. Çünki təkrarçılıq olur. Məsuliyyətdən söhbət gedirsə, bu, məsuliyyətə aid olan məsələdir. Məncə, bunun hüquqa aid olan məsələ kimi göstərilməsi təkrarçılıqdan başqa bir şey deyil. Ona görə bu məsələnin 22-ci maddəyə keçirilməsini təklif edirəm.
10-cu maddədə göstərilən məhkəmə fəaliyyəti haqqında verilən informasiyanın düzgünlüyü və müddətlərə riayət olunması məsələsinə də münasibət bildirirəm. Belə ki, bu məsələ də 3-cü maddədə var. 3-cü maddədə olan prinsiplərin təzədən informasiyanın əldə edilməsinin təmin olunmasına aid olan tələblər kimi göstərilməsi, məncə, doğru olmaz.
13-cü maddədə göstərilir ki, məhkəmə sədrinin və bu strukturda olan hakimlərin, aparat rəhbərinin adı, soyadı, atasının adı göstərilməlidir. Habelə həmin şəxslərin razılığı olduqda onlar haqqında digər məlumat da göstərilə bilər.
Burada biz nədən çəkinməliyik? Məncə, burada yazılmalıdır ki, həmin şəxslər haqqında bioqrafik məlumatlar göstərilməlidir. Bioqrafik məlumatların göstərilməsində nə qəbahət var? Bunlar harasa sənəd verəndə, məsələn, Milli Məclisdə təsdiq olunanda onsuz da həmin sənədləri verirlər. Yəni həmin bioqrafik məlumatlar orada əks olunur. Bunu vətəndaşdan gizlətməyin nə mənası var? Digər tərəfdən 13.3-cü maddədə göstərilir: “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı öz rəsmi internet saytında aşağıdakı informasiyanı yerləşdirir”.
Ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibinə daxil olan bütün strukturlar 13.1.1.1–13.1.1.5-ci maddələrdə nəzərdə tutulan bütün informasiyaları yerləşdirməlidir. Bunun məhkəməyə aid olan hissəsi bu qanunu maraqlandırır. Ona görə də məhkəməyə aid olan, yaxud olmayan hissəsinin burada xatırlanması, müvafiq icra orqanının qanun layihəsində əks olunması, məncə, doğru deyil.
Sonda kütləvi informasiya vasitələrindən söhbət gedir. Məncə, bu ifadə uğurlu tapılmayıbdır. Burada kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqədən söhbət getməlidir. Çünki bəzisində redaktor, bəzisində başqa cür adlana bilər. Ona görə də bu düzəlişlərin edilməsini zəruri sayıram. Amma çox mühüm və vacib qanun kimi müsbət qiymətləndirirəm.
Sədrlik edən. Sağ olun, Fazil bəy. Hörmətli deputatlar, bir xahişim var. Nəzərə alın ki, bu qanun layihəsi birinci oxunuşda müzakirə olunur. Ona görə də çalışaq, qanunun fəlsəfəsi ilə bağlı fikirlərimizi çatdıraq, konseptual cəhətdən qiymət verək. Çox xahiş edirəm. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli sədarət. Sözün doğrusu, mənim nadir hallarda oxuduğum qanunlardan biridir ki, çox müasir görünür və xoş təsir bağışlayır.
Sədrlik edən. Belə çıxır ki, Siz indiyə qədər qanun oxumursunuz.
P. Hüseyn. Ola bilər. Deməli, çox müasir və modern bir struktura malik olan qanundur. O baxımdan da mənə elə gəlir ki, burada heç kəsin konseptual baxımdan bu qanunun əleyhinə olması mümkün deyildir. Mənə elə gəlir ki, məhkəmə orqanlarında şəffaflığı təmin eləmək istiqamətində çox ciddi bir irəliləyişə təkan verə bilər. Əlbəttə, o biri oxunuşlarda əlavə və təkliflər veriləcəkdir. Mən çox istərdim, qanunvericilik təşəbbüsçüsü ilə bizim hörmətli komitə üzvləri əlaqə saxlasın, çünki məhkəmə materialları təkcə qərar və qərardadlardan ibarət deyil, məhkəmə materiallarında başqa sənədlər də var.
Şəffaflıq baxımından böyük əhəmiyyətə malik olan sənədlərin, xüsusən də stenoqramın, məhkəmələrin stenoqramının yerləşdirilməsi vacibdir. Çünki həmin rəsmi sənədlər çap olunur, kompüterdə yığılır. Ona görə də onun texniki baxımdan internet saytında yerləşdirilməsi heç bir çətinlik törətmir. Əgər mümkün olarsa, həmin proseslərin şəffaflığının təmin olunması üçün həm də məhkəmə baxışlarında şikayətlərin, – əgər cinayət işidirsə, – ittiham aktlarının yerləşdirilməsini təmin etsin.
Sonda mən bir daha təkrar edirəm, bu müasirlikdən xəbər verən qanunvericilik təşəbbüsünü görəndə insanın əhval-ruhiyyəsi artır. Amma müzakirədə hörmətli Mübariz Qurbanlı çox mənalı bir çıxış etdi. O, işarə etdi ki, əvvəl-axır parlamentlərə, – o, senatı misal gətirdi, – atlar gəlib çıxırlar, atı senata seçirlər. Bəzən adam formasında olan başqa canlıları da seçə bilərlər. Qətiyyən uğurlu müqayisə deyildi. Amma çox mənalı işarə idi. Bu da parlamentin stenoqramına düşsün və tarixdə qalsın ki, məhdudiyyətlər ləğv olunur, yavaş-yavaş parlamentlərə qulaqları insan qulağından da uzun olan məxluqlar gəlib çıxır.
Sədrlik edən. Aydın Həsənov.
A. Həsənov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Demokratik cəmiyyətlər üçün informasiya azadlığı əsas prinsiplərdən biri kimi qəbul olunur. Azərbaycanda da dövlət idarəsinin formasına uyğun olaraq, həmçinin vətəndaşların informasiyaya olan tələbatlarını ödəmək məqsədi ilə informasiya azadlığına təminat verilir. Bu baxımdan müzakirəmizə çıxarılan Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsini dövlətin informasiya azadlığına verdiyi təminatın tərkib hissəsi kimi qəbul etmək lazımdır. İndiyə qədər Azərbaycanda bu məsələlərlə bağlı mövcud olan normativ hüquqi aktlar dövlətin informasiya azadlığına nə qədər önəm verdiyini təsdiq edir.
Ölkədə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların və sair normativ hüquqi aktların mövcud olması yuxarıda qeyd etdiklərimizin bariz nümunəsidir. İnformasiya əldə etmək hüququ media azadlığı ilə bağlı olmayan, xalqın maraqları ilə bağlı, yəni xalqın öz hökumətinin fəaliyyəti haqqında bilmək hüququna aid olan mənanı daşıya bilər. Dəqiq və qarşılıqlı maraqları nəzərə almaqla, dövlət orqanlarının açıqlığının təmin olunmasını, onun şəffaflığının səviyyəsini qaldırmaq ciddi yanaşma tələb edən bir prosesdir.
Dövlət hakimiyyətinin açıqlığının xeyrinə hesabatlılıq və qərar qəbuletmədə birgə fəaliyyət kimi demokratiyanın dəyərləri çıxış edir. İnformasiya azadlığı nəinki dövlət orqanlarının sorğusuna cavab olaraq informasiyanın təqdim edilməsini, həmçinin onların özlərinin mövcud resurs və imkanlarından istifadə edərək ictimaiyyətin geniş marağını doğuran sənədlərin çap olunub yayılmasını nəzərdə tutur. Bəzən informasiyanın növü onun məxsus olduğu dövlət orqanlarının spesifikasından asılıdır.
Dövlət orqanları informasiyanı təqdim etməyə borcludurlar və cəmiyyətin hər fərdinin bu informasiyanı əldə etmək hüququ var. Ölkənin vətəndaşı olan hər bir şəxs bu hüquqdan istifadə etməlidir. Bu hüququ həyata keçirmək üçün informasiyanı əldə etməyi əsaslandırmaq məcburi deyil. Maksimum açıqlıq prinsipi mövcud informasiyanın açıq olmasını şərtləndirir və bundan kənara çəkilmək çox məhdud hallarda mümkündür. Bu prinsip bütövlükdə azad informasiya konsepsiyasının əsasında durur.
Əslində, informasiyanın əldə edilməsi hüquqi dövlətin əsas prinsipi olduğu üçün Konstitusiyada xüsusi qeyd olunmuşdur. Lakin informasiyanın açıqlığının praktiki həyata keçirilməsi qanunvericiliyin yüksək məqsədi olmalıdır. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsi isə bu haqda informasiya əldə etmək üçün çox gözəl şərait yaradan sənəddir.
Ümumiyyətlə, bu qanun layihəsi indiyə qədər atılmış addımların məcmusudur. Çünki məhkəmələrin çıxardığı qərarların nəşri ilə bağlı məsələ burada bir daha öz əksini tapıb. Bu, bütövlükdə məhkəmələrin fəaliyyətində şəffaflığın təmin olunmasında, qərarların qəbulunda ədalətlilik prinsiplərinin daha da inkişaf etdirilməsində müstəsna rol oynaya bilər.
Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsində məhkəmə orqanlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrinin yaradılması barədə normalar mütərəqqidir. Qanun layihəsi mükəmməl hazırlanıb və onun qəbul edilməsi cəmiyyətimizin inkişafı üçün böyük töhfə olacaqdır. Mən bu layihəyə səs verəcəyəm və millət vəkillərini də səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün birinci oxunuşa çıxarılmış Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikası qanununun layihəsi gələcəkdə məhkəmələrin fəaliyyəti haqqında ölkə vətəndaşları tərəfindən qanunla müəyyən edilmiş qaydada operativ və rahat informasiya əldə etməyə yönəldilmişdir. Layihənin məzmunundan da göründüyü kimi, bu qanun layihəsi məhz informasiyanın əldə edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləmək məqsədi daşıyır.
Qanun layihəsinin önəmli olması ondan irəli gəlir ki, ölkəmiz insan hüquq və azadlığının müdafiəsini dəstəkləyən bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu sahədə dövlətimiz indiyə kimi onlarla beynəlxalq müqavilələrə qoşulmuşdur. Əlbəttə, ölkəmizin ana qanunu sayılan Konstitusiyamızda insan hüquq və azadlığına xüsusi önəm verildiyi üçün məhkəmələrin fəaliyyəti haqqında cəmiyyətin daim məlumatlandırılması çox önəmlidir. Bu sahənin də xüsusi qanunla tənzimlənməsinə çox böyük ehtiyac vardır. Bu gün müzakirə etdiyimiz qanun layihəsi ölkəmizdə uzun müddətdir ki, səmərəli aparılan məhkəmə-hüquq islahatının davamı kimi qiymətləndirilməlidir.
Qanun layihəsinin bütün maddələri məhkəmələrin fəaliyyəti haqqında informasiyanın rahat əldə edilməsinə yönəlibdir. Hesab edirəm ki, hazırda müzakirəyə çıxarılan bu qanun layihəsinin qəbul edilməsi məqsədəuyğundur. Çıxışımın sonunda bu qanun layihəsinin hazırlanmasında əməyi olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bütün üzvlərinə təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də qanun layihəsinin tərəfdarıyam və qəbul olunmasını vacib hesab edirəm. Bu çox vacib qanun layihəsidir. Fəlsəfi baxımdan, fəlsəfi yanaşmadan, konseptual baxımdan vacib məsələlərdən biridir. Ona görə ki, bu gün məhkəmələrin apardığı proseslər haqqında mətbuatda və informasiya orqanlarında, demək olar ki, birtərəfli məlumat gedir. Kimə sərf edirsə, hakimin, prokurorun, vəkilin çıxışı qalır qıraqda, quldurun, caninin birisinin çıxışını qəzetdə iki səhifə dərc edir. Azərbaycan ictimaiyyəti də məhkəmədə iştirak etmir, onun çıxışını oxuyanda görür ki, bu adam məhkəmədə meydan sulayır. Onun dəqiqləşdirilmiş formada verilməsinin tərəfdarıyam.
Dünyanın inkişaf etmiş ölkələrində müzakirə edilən qanun layihələrindən misallar göstərildi. ABŞ məhkəmələrində şəkil çəkmək də qadağandır. Şəkil ancaq əllə çəkilə bilər və verilə bilər. Onun videoya alınması, yaxud başqa formada göstərilməsi qəti qadağandır. Xüsusi qeyd etmək istəyirəm ki, şəxsiyyətin əleyhinə yönələn məsələlər burada əksini tapır. Avtobioqrafiya haqqında nə istəsən verə bilərsən. Amma elə şeylər çıxarıb verirlər, yeddi arxa dönəninin məlumatlarını dərc edirlər. Şəxsiyyətin toxunulmazlığını müdafiə edən qanunumuz var, bu da həmin qanunun pozulmasına gətirib çıxarır. O baxımdan mən bunun tərəfdarıyam. Bu tamam başqa qanunun predmetidir. Mən bir dəfə də bununla bağlı çıxış etmişəm.
Son dövrdə Azərbaycanda, demək olar ki, bütün dövlət strukturlarında mətbuat xidmətləri yaradılıb və adını da ictimaiyyətlə əlaqə qoyublar. Nazirin, komitə sədrinin, şirkət rəhbərinin işi elə ictimaiyyətlə əlaqədə olmaqdır. Mən ictimaiyyətlə əlaqədə olmuram, kimsə olsun. Məhkəmələr üçün də bu vacibdir, lazımdır, zəruridir.
Xüsusi hərbiləşmiş sahələri çıxmaq şərti ilə, digər dövlət strukturlarının bir funksiyası da ictimaiyyət qarşısında cavabdehlik daşımaq və ictimaiyyətə məlumat verməkdir. Bu, dövlət strukturunun şişirdilməsidir və inzibati hüquqa zidd olan bir məsələdir. Mən büdcə layihəsinin müzakirəsində bu məsələyə geniş şəkildə toxunacağam. Çünki informasiya birtərəfli yox, qanunauyğun şəkildə cəmiyyətə çatdırılmalıdır.
Bir məsələni hörmətli həmkarımız Elmira xanım qeyd etdi. Konstitusiyada qanunvericilik, icraedici və məhkəmə hakimiyyəti birdir. Yuxarısı, aşağısı yoxdur. Bizə qanun layihəsi yuxarıdan gəlmir. Paralel strukturların biri digərinə qanunvericilik təşəbbüsü ilə layihə göndərə bilər. Biz də qanun qəbul edirik, aidiyyəti strukturlara göndəririk, icraedici orqanlara şamil edirik və nəzarət edirik. Ona görə də bu, yuxarıdan aşağı deyil, paralel şəkildə fəaliyyət deməkdir. Mən hesab edirəm ki, səs verib bu qanun layihəsini qəbul edə və gələcəkdə onun detalları haqqında müzakirələrimizi apara bilərik.
Sədrlik edən. Fuad Muradov. Zahid Orucov, çıxış etmək istəyirsiniz? Buyurun, Fuad müəllim.
F. Muradov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Mən bir faktı demək istəyirəm. Mənim yaxşı yadımdadır, biz referenduma dəyişiklikləri müdafiə edəndə məhz bu məsələyə toxunmuşduq və gələcəkdə bu müddəalardan irəli gələn dəyişikliklərin digər qanunlara tətbiqi nəzərdə tutulmuşdur. Bu da həmin referendumda qəbul edilən dəyişikliklərdən irəli gələn təkliflərdən biridir və artıq bu gün məhkəmə fəaliyyəti ilə bağlı qanun layihəsi müzakirəyə təqdim olunub. Mən təşəkkür edirəm ki, bu qanun layihəsi ortaya gəlib.
Bir məsələyə hörmətli həmkarım Siyavuş müəllim toxundu, mən də bir qədər bu fikri genişləndirmək istəyirəm. Son zamanlar məhkəmə prosesləri bəzi insanlar üçün bir şouya çevrilib. Halbuki məhkəmə hansısa bir insanın, hansısa bir ailənin faciəsidir. Bu, digər insanlar üçün, sadəcə olaraq, vaxt keçirmək üçün, şou yaratmaq üçün bir vasitəyə çevrilib. Yəni bu məsələ əldə edilən məlumatları yaymaqla bağlı deyil. Burada həmkarlarımın dediyi kimi, bir çox Avropa ölkələrində, Avropa Birliyinə daxil olan ölkələrdə məhkəmə haqqında məlumatın kütləvi informasiya vasitələrinə çatdırılması hər iki subyektin razılığı ilə həyata keçirilə bilər. Çünki orada müəyyən faktlar ola bilər ki, onların ictimaiyyətə çatdırılması məqbul deyil. Müəyyən faktlar ola bilər ki, gələcəkdə həmin insanın fəaliyyətinə, ailəsinə, işinə zərər gətirə bilər. Bu çox normal qəbul olunur.
Siyavuş müəllim dedi, ümumiyyətlə, Amerikada bu günə qədər keçirilən, hətta çox ciddi olmayan məhkəmələrdə belə şəffaflığın qorunmasına bu bucaqdan baxılır. Çünki bu, insan taleyidir, insan faciəsidir. Bu baxımdan ola bilər ki, məhkəmədə hər hansı bir insan bəraət qazansın, gələcəkdə hansısa bir vəzifə tutsun. Şəffaflıq o demək deyil ki, istənilən məlumatı ictimaiyyətə ötürərək şou yaradaq. Bu, faciəni ictimailəşdirir.
Bu qanun layihəsindən irəli gələn birinci məqam ondan ibarətdir ki, burada məhkəmələrin texniki bazasının yaxşılaşdırılması ilə bağlı maddələr var. Misal üçün, 10.0.4-cü maddə. Bu istiqamətdə, həqiqətən də, məhkəmələrdə qanun çərçivəsində islahatlar gedir. Məhkəmə-Hüquq Şurasında gedən islahatlar çox lazımlıdır. Məhkəmələrin maddi-texniki bazasına fikir verməliyik və gələcəkdə büdcədə bu məsələni nəzərə almalıyıq. Məhkəmələr təkcə qanunun aliliyini təmin etmir, həm də insan faktoru var, insan taleyi var. Bu baxımdan orada olan problemlər gələcəkdə daha da böyüyə bilər. Komitəyə, onun üzvlərinə, bu işə cəlb olunan ekspertlərə bir daha təşəkkür edirəm.
Bəzən bizə irad tuturdular ki, referendumun təkliflərinin praktiki həyata keçirilməsi prosesi necə olacaq? Bu qanun layihəsi artıq məhkəmə islahatlarında gedən təkliflərin tərkib hissəsidir. Biz onu dəstəkləyəcəyik və ikinci oxunuşda maddə-maddə müzakirə edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən sizin diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm. Bəli, həmkarlarımın o mövqeyini bölüşürəm ki, bu qanun layihəsi dövlət və hakimiyyət qollarının vətəndaş qarşısında hesabatlığını təmin edəcək. Son dərəcə demokratik bir sənəddir, demokratik bir layihədir.
İstənilən demokratik cəmiyyətin ən fundamental prinsipi müvafiq hakimiyyət qollarının, xalqı təmsil edən strukturların xalq qarşısında şəffaf fəaliyyətinin həyata keçirilməsini və onun mexanizmlərinin formalaşdırılmasını təmin etməkdir. Bu qanun layihəsi ona xidmət edir. Keçmiş dönəmdə biz ayrı-ayrı dövlət və hökumət strukturlarının fəaliyyətinin qapalılığından gileylənəndə, onun cəmiyyət üçün açıq olmamasını və beynəlxalq aləmdə Azərbaycana çox ciddi ziyan vurduğunu deyəndə daha çox məhkəmə orqanlarını nəzərdə tuturuq.
Etiraf etmək lazımdır ki, adətən, vətəndaşların hüquq və azadlıqlarını təmin etməli olan bu strukturun içərisində baş verənlərdən hətta bizlərin xəbərdar olmaması bəzən bizi bu sferada çalışan ayrı-ayrı maraqlı dairələrin çox qeyri-taraz, qeyri-rasional fikirlərinə inanmağa vadar edir. Mən həmişə deyirdim ki, ayrı-ayrı QHT strukturları sanki məhkəmələr üzərində qeyri-rəsmi şəkildə məhkəmə funksiyasını həyata keçirəndə adət ediblər. Onların çıxardığı qərarlara hətta hakimlər də az qala riayət etməyə məcbur qalırlar. Çünki onlar hesab edirlər ki, bu strukturlar beynəlxalq aləmlə işləyirlər. Heç bir hakim isə onların siyahısına düşmək istəmir. Sakit bir proses keçirmək istəyir, işlərinin hansısa formada tənzimlənməsinə çalışır. Beləliklə, həmin QHT-lər ayrı-ayrı vətəndaşların üzərində hökm çıxaran, qərardad verən strukturlara çevrilirlər. Ona görə də onların siyahısı bu qədər mötəbərliklə uzun müddətdir ki, işləməkdədir.
İnformasiya azadlığının təmin olunması, vətəndaşın bu informasiyanı sərbəst şəkildə alması bir tərəfdən məhkəmənin normal qaydada keçirilməsinə, kənar təsirlərdən azad olmasına, onun işlərinə müdaxilə olunmamasına aparıb çıxaracaqdır. Digər tərəfdən məhkəmədəki prosesləri, – məhkəmə hakimiyyətin müstəqil bir qoludur, –bütövlükdə iqtidarın siyasətinə kontur bir mövqe kimi qələmə vermək imkanlarını da azaltmış olacaqdır.
Burada şəxsi həyata müdaxilə məsələsi qoyuldu. Daha doğrusu, həmkarım Siyavuş Novruzov bu məqamı daha çox qabartdı. Mən xartırlayıram, bir universitet rektorunun şəxsi həyatında baş vermiş problemlər zəminində bir qətl hadisəsinə qərar verilmişdi. Bildiyimə görə o hələ də həbsxanadadır. Onun həyatının bütün detalları, telefon söhbətləri Azərbaycan mediasında dərc olundu. Mən bunun mənəvi, əxlaqi tərəfini bir qırağa qoyuram, amma digər tərəfdən media strukturları nəinki məhkəmə səlahiyyətini mənimsəməkdə idi, həm də özünü tamam başqa bir naturada, başqa bir keyfiyyətdə aparmaqda idi. Mən hesab edirəm ki, bu layihə informasiya cəmiyyətinə xidmət edən, vətəndaşların hüququnu müdafiə edən bir layihədir və mən ona səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Gülər xanım, xahiş edirəm, mümkünsə, bir az tez qurtarın, vaxtımıza az qalır. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Təəssüf ki, həmişə sonuncu funksiyanı, yəni tez qurtarmaq məsələsini mən yerinə yetirirəm. Demək istəyirəm ki, qanun çox demokratik qanundur, amma uzun illərdir, biz bu fikri müəyyən mənada müsbət bir istiqamətə yönəltməyə çalışırıq. Bu gün elə bir situasiya yetişib ki, artıq onu bu zalda da səsləndirmək lazımdır. Təəssüflə demək istəyirəm ki, doğrudan da, Məhkəmə-Hüquq Şurasının titanik əməyinə, çoxlu sayda hakimlərin işdən azad olunmasına, onların fəaliyyətinə xitam verilməsinə baxmayaraq, bu gün məhkəmələrdəki vəziyyət, zənnimcə, burada oturan deputatların əksəriyyətini qane edir. Bizə göndərilən, – şəxsən özümü demək istəyirəm, – məktubların böyük bir hissəsi məhkəmələrdən şikayətlə bağlıdır. Mən çox inanmaq istəyirəm ki, bəlkə bu qanun qəbul edildikdən və icraatına başlandıqdan sonra, ola bilsin ki, məhkəmələrdə eyni predmet üzrə bir neçə dəfə bir-birinə daban-dabana zidd qərarlar çıxarılmayacaq.
Buradan bir daha məhkəmələrimizə səslənmək, onlardan təkidlə xahiş etmək istərdim ki, biz bu qanunları qəbul etməklə hər zaman məhkəmədə baş verən proseslərin daha da demokratikləşməsinə çalışır, ümumiyyətlə, məhkəmənin həm statusunun artırılması, həm də işçilərinin maaşlarının artırılması ilə bağlı kifayət qədər pozitiv işlər görür, pozitiv qərarlar qəbul edir, qanunlara pozitiv əlavə və dəyişikliklər edirik. Amma təəssüflə demək istəyirəm ki, biz məhkəmə işçilərinin, məhkəmədə olan hakimlərin və digər işçilərin xeyrinə işləyən qanunlar qəbul etsək də, bu gün məhkəmələrdən daha çox xoşagəlməz rəylər alırıq. Yerində də yoxlayanda məlum olur ki, doğrudan da, məhkəmələr bilərəkdən, eyni zamanda, bəzən əxlaqa zidd qərarlar çıxarmaqda davam edirlər.
Mən bir daha Məhkəmə-Hüquq Şurasına müraciət edib demək, xahiş etmək istərdim, bəlkə artıq zamanı yetişmiş bir məqamdır. Dəfələrlə Milli Məclisin deputatlarına müraciətlər olur. Yəqin ki, Məhkəmə-Hüquq Şurasına da müraciət olunur. Rayon məhkəmələrində, həmçinin Bakıda və digər rayon məhkəmələrində baş verən özbaşınalıqla bağlı, hər halda hakimlərlə bağlı, yəqin, bir qərar çıxarmaq zamanı gəlib çatmışdır. Çünki istənilən dövlətin hər hansı bir demokratik göstəricisi varsa, şübhəsiz ki, onlardan biri də məhkəmədir.
Mən istəyirəm ki, ulu öndərimizin dediyi bir sözü hər kəs yadında saxlasın. Məhkəmədə qərar çıxaran insanları daha çox bunu yaddan çıxarmamağa çağırıram. Ulu öndər hər zaman deyirdi ki, əgər cəzasız adam cəzalanırsa, günahkar adam cəzalanmırsa, bu zaman dünyada xoşagəlməz işlər baş verir və bu, dövləti sarsıda bilər. Mən çox istərdim ki, ulu öndərin məhkəmələrlə bağlı bir zaman səsləndirdiyi həmin fikirlər bizim məhkəmə hakimlərinin yadından çıxmasın. Bəlkə də o sözləri böyük bir plakata yazıb məhkəmə zallarında assınlar. Çox təəssüf edirəm ki, məhkəmələrdə bu gün, doğrudan da, haqqa, ədalətə sığışmayan qərarlar çox qəbul olunur. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, çox sağ olun, təşəkkür edirəm. Ulu öndərin, doğrudan da, belə bir gözəl kəlamı var və yerinə düşdü. İcazə versəydiniz, mən onu tamamlayardım. Ulu öndər deyirdi ki, dövlətin təməli iki şeydən dağılır, bir günahsız cəza alanda, ikincisi isə cinayətkar cəzalanmayanda. Ona görə də tamamilə yerində deyilmiş sözlərdir. Mən Sizinlə tamamilə razıyam.
Bununla da müzakirəmiz başa çatdı. Əgər başqa sual yoxdursa, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələr (saat 18.13 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun. Növbəti iclasa qədər.