04.04.2006 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  13

Mill Məclisin  iclas  salonu.
4  aprel  2006-cı  il.  Saat  12.

Mill Məclis  Sədrinin  birinc müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Nəcəfov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Əhalisinin Dövlət Registr Xidməti rəisinin müavini.
A. Səmədzadə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsinin baş məsləhətçisi.
T. Mədətov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə.
2. “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main” (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin və həmin Müqaviləyə dair Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında.
3. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə.
4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında.
6. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
7. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavə edilməsi barədə.
8. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
9. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main” (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin və həmin Müqaviləyə dair Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin
birinci müavin                                              Z. ƏSGƏROV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

4  aprel  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisi
Sədrinin  birinc müavin Z. Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir olsun, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçin.

Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 89
Yetərsay 83

İclasda 89 nəfər iştirak edir, yetərsay vardır.
Hörmətli deputatlar, bilirsiniz ki, srağagün, aprel ayının
2-də Kəlbəcərin işğalının 13-cü ili tamam oldu. Mən xahiş edirəm, Kəlbəcər uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Allah rəhmət eləsin.
Gündəlik sizə paylanıbdır. Keçən iclasda gündəlik təsdiq olunmuşdu, amma 4 məsələ bura əlavə olunub. Xahiş edirəm, həmin 4 məsələnin gündəliyə əlavə edilməsinə səs verəsiniz.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bu gün Türkiyə Respublikasının Prezidenti hörmətli Əhməd Necdət Sezər Bakıya rəsmi səfərə gəlir. Bununla əlaqədar, müəyyən tədbirlər planlaşdırılıb. Ona görə belə qərara aldıq ki, saat 3-ə qədər işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdursa, onda birinci məsələ ilə əlaqədar məruzə etmək üçün Rəbiyyət Aslanovaya söz verilir. Buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 17-ci bəndini rəhbər tutaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2004-cü il mayın 13-də qəbul edilmiş 14 saylı Protokolunu təsdiq olunmaq üçün Milli Məclisə təqdim etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 2001-ci il dekabrın 25-də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanı və bunun ardınca 1,4,6 və 7-ci protokolları ratifikasiya etmişdir. Bu gün isə 14 saylı Protokol ratifikasiya üçün sizin diqqətinizə təqdim edilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və saydığım protokollar ratifikasiya edildikdən və 2002-ci il aprelin 15-də depozitə qoyulduqdan sonra respublikanın yurisdiksiyası altında olan hər bir Azərbaycan vətəndaşının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququ yaranıb. Avropa Məhkəməsinin iştirakçı dövlətlərin konvensiyanın normalarına dönmədən əməl etmələrini və həmin normaları həyata keçirmələrini təmin etməyə xidmət göstərməsi faktdır. Bir cəhəti qeyd edim ki, həmin konvensiyada öz əksini tapan müddəaların hər birini Azərbaycan tərəfi vaxtında yerinə yetirir. Avropa İnsan Hüquqları Məhkəməsi 1959-cu ildən fəaliyyətə başlayıb və 1998-ci ilin sonuna qədər mindən artıq şikayətə baxıb ki, bunun da əksəriyyəti ayrı-ayrı vətəndaşların Avropa Məhkəməsinə olan müraciəti ilə əlaqədardır.
1998-ci ildə daxili strukturda dəyişikliklər baş verdi. Əgər əvvəl 3 orqan - Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Nazirlər Komitəsi bu funksiyanı yerinə yetirirdisə, 1998-ci ildən, 11 saylı Protokol qüvvəyə mindikdən sonra adı çəkilən digər qurumlar öz funksiyalarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verdilər. 1998-ci ildən bu günə qədər İnsan Hüquqları üzrə Avropa Məhkəməsi vətəndaşların ərizələrinə baxır.
Ərizələrin sayı olduqca çoxdur. Bir cəhəti qeyd edim ki, bu günə qədər Avropa Məhkəməsində 30 minə yaxın şikayət öz həllini gözləyir. Bu şikayətlərin çox olması onlara baxılmasının vaxtının uzanmasına səbəb olur.
Mən Azərbaycan Respublikasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə gedən şikayətlərin sayı ilə də maraqlandım. Faktlar belədir ki, 2006-cı il 1 yanvar tarixinə qədər Azərbaycan Respublikası vətəndaşlarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ümumilikdə 1050 şikayət daxil olub. Onlardan 800-ü rədd edilib, 150-dən çoxuna hazırda baxılmaqdadır. 25 şikayət isə respublikaya, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndəsinə qaytarılmışdır.
2005-ci ildə Azərbaycandan Avropa Məhkəməsinə göndərilmiş ərizə və şikayətlərin sayı azalıb. Belə ki, 2004-cü ildə ərizə və şikayətlərin sayı 500 olmuşdursa, 2005-ci ildə bu rəqəm 200-ə qədər azalmışdır. 17 şikayət üzrə qərar qəbul edilmişdir. Bunlardan biri məqbul sayılmış, 10-u məqbul sayılmamışdır. 2-si qismən məqbul sayılmamış, 4-ü qismən məqbul sayılmışdır. Bu faktları misal gətirməklə göstərmək istəyirəm ki, Azərbaycandan gedən şikayətlərin sayı digər ölkələrdən olduqca azdır. Bu da Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına və təmin olunmasına dəlalət edən faktdır.
Bu gün müzakirənizə təqdim olunan 14 saylı Protokolun preambulasında deyildiyi kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Avropa Şurasının Nazirlər Komitəsinin iş yükü artmaqda davam edir. Bununla əlaqədar, nəzarət sisteminin uzun müddət səmərəliliyini daha da artırmaq məqsədi ilə Konvensiyanın müəyyən müddəalarında təcili dəyişikliklər etmək ehtiyacı yaranmışdır. Bu ehtiyacın da nəticəsi bu protokolun meydana gəlməsidir. Protokolda öz əksini tapan müddəalar Konvensiyanın 59 maddəsinə dəyişikliklər edilməsi zərurətini yaradır. Bəzi dəyişikliklər texniki xarakter daşıyır, digər maddələr, ümumiyyətlə, aradan qaldırılır. Ancaq əsas 4 müddəa ətrafında fikirləri cəm etmək olar.
Protokolun 2-ci maddəsinə əsasən Konvensiyanın 23-cü maddəsində səlahiyyət müddəti və vəzifədən azad edilmə yeni redaksiyada verilir. Hakimlər 6 il müddətinə deyil, 9 il müddətinə seçilir və onlar yenidən seçilə bilməzlər. Məlum olduğu kimi, Avropa Şurasına üzv olan dövlətlərin hər birinin Avropa Məhkəməsində öz nümayəndəsi var və əvvəl onlar 6 il müddətinə seçilirdilər və yenidən seçilmək imkanları var idi. İndi isə bu, aradan qaldırılır və onlar yalnız 9 il müddətinə seçilirlər və təkrar seçki keçirilmir.
Digər dəyişiklik 26-cı maddəyədir. Avropa Məhkəməsinin tarixində ilk dəfə olaraq tək hakimlik institutu tətbiq olunmağa başlayır. Əvvəllər komitələr, palatalar və böyük palatalar var idi. İndi iş yükünün artıq olması və insan hüquq və azadlıqlarının pozulmaması üçün şikayətlərə vaxtında baxılması tək hakimlik institutunun formalaşmasına gətirib çıxarıb ki, bu da bu Konvensiyanın müəyyən müddəasında öz əksini tapıb. İndi daxil olmuş ərizələrin çoxluğunu nəzərə alaraq məhkəmə tək hakimli tərkibdən, komitələr 3, palatalar 7 və böyük palata 17 hakimdən ibarət olacaq.
Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə də dəyişiklik edilir. Belə ki, fərdi ərizələrin qəbuledilməz bəyan edilməsi müəyyən şərtlər əsasında mümkündür. Mən bayaq dedim, Azərbaycandan göndərilən ərizələrin bəziləri qəbul edilməmişdir. Bunun səbəbləri burada çox aydın şəkildə öz əksini tapır. Birinci, ərizə konvensiyanın və ona əlavə protokolların müddəalarına uyğun deyilsə və açıqdan-açığa əsassızdırsa və yaxud burada fərdi müraciət hüququndan sui-istifadə edilibsə, belə ərizələr qəbul olunmur. İkinci, ərizəçi əhəmiyyətli zərərə məruz qalmayıbsa, belə şikayətlər də qəbul olunmur.
Növbəti dəyişiklik “Məcburedici qüvvə və hökmlərin həyata keçirilməsi” adlanan 46-cı maddəyə edilmişdir. Məhkəmənin son hökmü icra edilmək üçün Nazirlər Komitəsinə göndərilir və Nazirlər Komitəsi icraya nəzarət baxımından sorğu göndərir, prosesi izləyir. Üzv olan yüksək tərəflərin bu qərarı yerinə yetirməsi vacibdir və Nazirlər Komitəsi bunun üçün səlahiyyət daşıyır. Maddə kifayət qədər genişləndirilmiş, tərəflər üzərində nəzarət funksiyası artırılmışdır.
Konvensiyanın 59-cu maddəsindəki dəyişiklik protokolun 17-ci maddəsində öz əksini tapır. “İmzalama və ratifikasiya” adlanan maddəyə 2-ci bənd əlavə olunur. Bu bəndə əsasən təkcə dövlətlər deyil, ayrı-ayrı qurumların, böyük təsisatların, yəni beynəlxalq təşkilatların da konvensiyaya qoşulmaq imkanı yaranır. Yeni redaksiyaya əsasən Avropa İttifaqı bu konvensiyaya qoşula bilər. Protokolda öz əksini tapan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən vacib müddəalardır. Bu həm də öz növbəsində Avropa hüquq məkanının daha da təkmilləşməsinə kömək edən amildir. Avropa konvensiyasına və onun protokollarına böyük sayğı ilə yanaşan Azərbaycan dövləti 14 saylı Protokolu ratifikasiya etməklə demokratik prinsiplərə öz sadiqliyini bir daha nümayiş etdirəcəkdir. Hörmətli həmkarlarım, mənə elə gəlir ki, biz məhz bu sadiqliyi bu gün nümayiş etdirərək, bu protokolun ratifikasiyasına səs verəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Bu sənəd həm də Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə olunub. Əli müəllim, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Bu konvensiya iki komissiyanın birgə iclasında müzakirə olunub. Rəbiyyət xanım Konvensiyanın 14 saylı Protokolunun ratifikasiyasının zəruriliyi ilə bağlı kifayət qədər geniş məlumat verdi. Məsələ tam aydındır. Hamımız bilirik ki, protokol konvensiyanın tərkib hissəsidir. Son 40-50 il ərzində bütün Avropa dövlətləri insan hüquqlarının müdafiəsi sahəsində həm milli, həm də beynəlxalq səviyyədə bir çox tədbirlər həyata keçirirlər. Amma reallıq onu göstərir ki, Avropa Şurasının çox işlək bir mexanizmi kimi fəaliyyət göstərən Avropa Məhkəməsinə insan hüquqları ilə bağlı çoxlu sayda şikayət daxil olub və bunun daha da artması gözlənilir. Bu gün vəziyyət belədir ki, artıq məhkəmə bu işlərə operativ şəkildə baxa bilmir. Protokol məhz məhkəmənin fəaliyyət strukturu ilə bağlı yeni prosedurlar müəyyən edir. Bu baxımdan, bu sənədi ratifikasiya etmək bizim üçün də vacibdir, çünki biz Avropa Şurasının tamhüquqlu üzvüyük.
Bununla bağlı bir neçə məsələyə diqqət yetirmək istəyirəm. Hamı üçün məlum olmalıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiya deyəndə biz, təbii ki, məhkəmənin presedent hüququnu da nəzərdə tutmalıyıq. Bu, artıq belədir və bu gün Milli Məclis kimi, bizim qarşımızda duran əsas vəzifələrdən biri də qanunvericiliyimizin konvensiyaya uyğunlaşdırılmasından ibarətdir. Biz qanunlarımızı həm Konstitusiyaya, həm də konvensiyaya uyğunlaşdırmaqla faktiki olaraq Azərbaycandan Avropa Məhkəməsinə gedə biləcək potensial şikayətlərin qarşısının alınmasında çox mühüm rol oynaya bilərik. Bu baxımdan, bizim qarşımızda çox mühüm vəzifələr durur.
Eyni zamanda, milli məhkəmələr tərəfindən qanunvericiliklə konvensiya arasında ziddiyyət meydana çıxanda konvensiyanın tətbiq olunması, məhkəmənin presedent hüququnun tətbiq olunması yenə də Azərbaycandan Avropa Məhkəməsinə yönələ bilən potensial şikayətlərin qarşısının alınmasında çox mühüm bir vasitədir. Statistika belədir ki, 2005-ci ildə 2004-cü ildən fərqli olaraq az şikayət daxil olub. Amma bu göstərici dəyişə, bundan da artıq ola bilər. Demək istəyirəm ki, həm Milli Məclis, həm də milli məhkəmələr Avropa Məhkəməsinə yönələn şikayətlərin qarşısının alınmasında mühüm rol oynaya bilərlər.
Amma bizdə problem nədən ibarətdir? Bizdə konvensiya ilə qanunların və inzibati praktika ilə konvensiyanın uyğunluğunu araşdıran səmərəli bir mexanizm, hesab edirəm ki, yoxdur. Ziyafət müəllim, mənim fikrimlə razılaşarsınız, belə bir mexanizmin olması çox zəruridir. Ola bilər ki, parlamentin bir komissiyası təqdim etdiyi qanun layihəsində bu cür ekspertiza aparsın. Amma dövlətdə belə bir səmərəli mexanizmin mövcud olması çox vacibdir. Onda parlamentə təqdim olunan qanun layihələri ilə bağlı ekspert rəyi olacaq ki, bu qanun layihəsi konvensiyaya uyğundur, yoxsa uyğun deyil. Çünki zaman gələ bilər ki, məhkəmənin bir qərarında hüquq pozuntusunun əsas səbəbi qanunun konvensiyaya ziddiyyət təşkil etməsi ola bilər.
Bu baxımdan, qarşımızda duran məsələlərdən biri də qanunvericiliyin və inzibati praktikanın konvensiyaya uyğunluğunu araşdıran, daim fəaliyyət göstərən səmərəli bir mexanizmin yaradılmasıdır. Bu, parlamentdə də ola bilər, başqa bir dövlət orqanında da. Mənim demək istədiyim fikirlər bunlar idi. Təbii ki, bu da protokolla birbaşa hüquqi cəhətdən bağlı məsələdir. Protokolun ratifikasiyasına böyük ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən bir məsələni qeyd eləmək istəyirəm. Əli müəllim bu məsələyə toxundu, doğrudan da, çox ciddi məsələdir. Bilirsiniz ki, uzun illər sovet hüquq doktrinası məhkəmə presedentini qəbul etməyib. O cümlədən bizim daxil olduğumuz qitə hüquq sistemi, yəni roman-german hüquq sistemi də bu günə qədər presedent hüququnu qəbul etmirdi. Amma bu yaxınlarda məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar cənab Prezidentin bir sərəncamı oldu. Artıq məhkəmə presedentinin tətbiqinə yol veriləcəkdir. Bu necə tətbiq olunacaq, Azərbaycan qanunvericiliyi ilə necə uyğunlaşdırılacaq, bu, əlbəttə, ciddi məsələdir. Mən Əli müəllimin narahatlığını başa düşürəm, təbii ki, bunun mexanizmini axtarıb tapmalıyıq. Səməd müəllim, Sizin komissiyada da bu məsələ müzakirə olunub. Buyurun, münasibətinizi bildirin.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Həm Rəbiyyət xanım, həm Əli müəllim, həm də Siz bu məsələ ilə bağlı çox ətraflı və düzgün fikir söylədiniz. Bizim komissiya bu məsələyə müsbət yanaşır. Amma burada bir neçə məsələ mütləq millət vəkillərinin nəzərinə çatdırılmalıdır. Məsələ Azərbaycanla yox, bəlkə də daha çox Avropa Şurasının özünün fəaliyyəti ilə bağlıdır. Avropa Şurasının ən mühüm, ən vacib orqanlarından biri böyük böhranla rastlaşır. Bu böhranın aradan qaldırılması üçün hazırda həm Avropa Şurasının Parlament Assambleyasında, həm Avropa Şurasının Nazirlər Komitəsində, həm də müvafiq strukturlarda araşdırmalar gedir.
Siz bilirsiniz ki, bu konvensiyaya qoşulmağımız Strasburqda baş vermişdir. Bizim oradakı səfirimiz buna imza atıb və bu çox düzgün hərəkətdir, bəyənilməlidir. Bu, çox vacib bir məsələdir, ancaq vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməməlidir. Ona görə ki, məhkəmənin problemləri olduqca böyükdür. Bu saat Avropa Məhkəməsində təxminən 50 minə qədər işə baxılmalıdır. Bunların normal prosedur qaydalarına əsasən baxılmasına 10 illərlə vaxt gedəcək. Bu, təbii ki, vəziyyəti bir balaca yaxşılaşdıracaq, ancaq məsələni tam həll etməyəcək.
Bizim bu sənədə qoşulmağımız, təbii ki, müsbətdir, ancaq bununla yanaşı, yerli məhkəmələrimizi də canlandırmalıyıq. Bizim fəaliyyətimiz iki istiqamətdə getməlidir və bu, çox vacib bir məsələdir. Birinci istiqamət, təbii ki, onların vəzifə borclarıdır və bu, həyata keçirilməlidir. Konvensiyaya qoşuluruqsa, bu məsələ nəzərə alınmalıdır. Konvensiya və bundan əvvəl qəbul olunmuş protokolların hamısı nəzərə alınmalıdır.
İkinci vacib məsələ budur ki, bir hüquqşünas kimi yox, sadəcə, bir insan kimi hakimlərin psixologiyası dəyişməlidir. Bizdə bir problem mövcuddur. Bu da ondan ibarətdir ki, işlərə baxırıq və fikirləşirik ki, eybi yox, Avropa Məhkəməsinə gedər, orada da baxarlar. Belə olmamalıdır. Bu orada işlərin həddindən artıq çox olmasına gətirib çıxaracaq. İşlər burada ciddi araşdırılmalıdır ki, Avropa Məhkəməsinə gedib çıxmasın və orada işlərin sayı artmasın.
Əli müəllim çox düz qeyd elədi, keçən il bizdən göndərilən müraciət və şikayətlərin sayı azalıb. Ancaq bu heç də o demək deyil ki, bu istiqamətdə işlər normal şəkildədir. Ona görə biz bu barədə fikirləşməli və düşünməliyik. Azərbaycanda məhkəmələr elə fəaliyyət göstərməlidir ki, Avropa məhkəmələrinə insanların müraciəti olmasın və onlar həm hüquqi, həm də psixoloji cəhətdən orada həqiqət axtarmasınlar. Həqiqəti burada axtarsınlar və tapmağa nail olsunlar. Biz konvensiyaya müsbət yanaşırıq və onun bu gün ratifikasiya olunmasının tərəfdarıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Bu konvensiyanın Azərbaycanda ratifikasiya olunması müsbət haldır. Nə qədər ki biz bu tipli konvensiyalara qoşuluruq, bu, ölkədə insan haqlarının vəziyyətinin düzəlməsi istiqamətində uğurlu bir addım sayıla bilər. Ona görə də bu konvensiyanın mahiyyətinə toxunmaq istəmirəm və bunun təsdiq olunmasına tərəfdar olacağam. Amma mən bir neçə problemə toxunmaq istəyirəm. Birinci problem beynəlxalq sənədlərin tərcüməsi ilə bağlıdır. Ötən dəfə bu sənəd komissiyada müzakirə olunarkən hörmətli Əli müəllim də qeyd elədi ki, burada çoxlu texniki və hətta bəzi məna səhvləri var. Bu tərcümənin peşəkarcasına aparılmaması sənədin gələcəkdə ciddi problemlər ortaya çıxara biləcəyinə səbəb ola bilər. Çünki beynəlxalq sənədlərin tərcümə edilməsi yeni terminlərin yaranmasına, hüquq təfəkkürünün formalaşmasına, söz və ifadələrin yeni çalarda işlənməsinə səbəb olur. Söz hər hansı bir hüquqi sənəddə işlənirsə, o, artıq yeni bir hüquqi məna almağa başlayır. Xatırlayırsınızsa, Prezidentin fərmanında Ekzit-pollun mənası paralel seçki kimi verilməklə nə qədər ciddi problemlər yaranmışdı. Düzgün tərcümə olunmadığına görə sanki paralel seçki keçirilməsi kimi nəzərdə tutula bilirdi. Bunu sonradan dəfələrlə televiziyada, çıxışlarda təkzib edərək bildirdilər ki, bu mənada nəzərdə tutulmayıb.
Ona görə də mən xırda detallar üzərinə varmadan bir neçə məsələyə toxunmaq istəyirəm və bunu komissiyaya təqdim eləyərəm. Burada 25-ə yaxın ciddi texniki və məna səhvləri vardır. 26-cı maddədə “məhkəmə tək hakimli tərkibdən” ifadəsi işlənilir. Açığı, mən bu ifadəyə birinci dəfədir, rast gəlirəm. Bəlkə mən yanlış düşünürəm, adətən, hüquq ədəbiyyatında “tək tərkibli məhkəmə” ifadəsi yer alır. “Tək hakimli məhkəmə” ifadəsi ilk dəfədir işlənir.
Burada yeni söz, termin ortaya qoyulur, “xeyirxahcasına” termini işlənir. 39-cu maddənin adında xeyirxahcasına həlletmə qeyd olunub. Maddənin mətnində “dostcasına” sözü işlənir. “Xeyirxahcasına” sözü nə qədər uğurlu tərcümədir? Bəzən bu tərcümələri ingilis və fransız variantları ilə tutuşdurmaq vacibdir ki, hazırladığımız sənədin mükəmməlliyinə xələl gəlməsin.
Sonra, həmin maddənin 3-cü bəndində göstərilir ki, məhkəmə faktlar və əldə olunmuş razılığın qısa təsdiqlə verilən qərarı ilə işi özünün siyahısından çıxara bilər. Bunu Azərbaycan dilindən təzədən Azərbaycan dilinə tərcümə eləmək lazımdır. Biz bunu qəbul eləyəcəyik, amma gələcəkdə Azərbaycanda termin dolaşıqlığına yol açmasın deyə, bu cür sənədlərin hüquqşünaslar tərəfindən ciddi şəkildə ekspertizadan keçirilməsinə ehtiyac var. Məsələn, burada “açıqdan-aşkara” sözü işlənir. Belə söz yoxdur, “açıq-aşkar” sözü var. Bu cür müxtəlif səhvlər var. Yunanların bir yaxşı sözü var, deyirlər, hüquq - sözlər və anlayışlar haqqında elmdir. Biz elə söz və anlayışları işlətməliyik ki, sabah qanunvericilikdə bu bizim üçün mürəkkəbləşməyə gətirib çıxarmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əvvəlcə, Ziyafət müəllim, üzr istəyirəm, səfərdə olduğumuza görə son iki iclasda iştirak edə bilməmişik. Ona görə də mən konvensiyadan əvvəl bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mənə görə, bu, konvensiya qədər bizim üçün vacib məsələdir. Söhbət nədən gedir? Biz bu günlər Kəlbəcərdə həlak olanlarımızın xatirəsini andıq. Amma ondan bir az əvvəl, Azərbaycanlıların soyqırımı gününü qeyd etdik və çox təəssüf ki, artıq son bir neçə ildir, bizdə bu gün ərəfəsində və sonra bütün televiziyada və mətbuatımızda çox mənfi müzakirələr gedir və bu müzakirələr gənclərimizə təsir edir. Sanki gənclərdə belə bir təəssürat yaranır ki, bu günə bizim diqqətimiz lazımi səviyyədə deyil.
Əslində, belə deyil. Hər kəs bilir ki, 1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı olub və 1999-cu ildə görüləcək tədbirlərlə bağlı bir sərəncam da təsdiq olunub. Amma bu işlərin bir çoxu həyata keçirilmədiyinə görə bu gün cəmiyyətdə müzakirə olunur. Nələr həyata keçirilmir? Mən sizə açıq şəkildə deyim, məsələn, Prezidentin fərmanında göstərilir ki, Bakıda soyqırımı və deportasiya tarixinin əbədiləşdirilməsi ilə bağlı xatirə kompleksi qoyulmalıdır, erməni terrorizmi qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə şəhər və rayonlarda xatirə abidələri ucaldılmalıdır, bu tarixi hərtərəfli tədqiq etmək üçün mərkəz yaradılmalıdır. Ən vacibi film olmalıdır. Film çəkilməlidir ki, biz bu tariximizi bütün dünyaya göstərək və bütün dünyanın kütləvi informasiya vasitələrində bu tarixlə bağlı materialları yerləşdirək.
Artıq 5 il keçib, bunlar olmadığına görə cəmiyyətdə müzakirələr gedir və bu, gənclərə pis təsir göstərir. Bu tədbirlər planında cavabdeh təşkilatların hamısı göstərilir. Mən xahiş edərdim ki, biz bu təşkilatları dəvət edək. Əks halda biz yenə də gözləyəcəyik, gələn il bir də eyni müzakirələri aparacağıq. Televiziyalarda eyni müzakirələri görəcəyik və bu da gənclərimizin milli-mənəvi tərbiyəsinə mənfi təsir göstərəcəkdir. Maliyyə naziri də açıqladı ki, bizim büdcənin gəlir hissəsində artım var.
Xarici ölkələrdə tariximizi o insanlara bu şəkildə anlatmaq çox çətindir. Amma burada hər kəs razılaşar ki, heç tarixi oxumayan insanlar yəhudilərin soyqırımı ilə bağlı “Pianist” və “Şillerin siyahısı” filmlərinə, ermənilərin qondarma erməni soyqırımı ilə bağlı “Ararat” filminə baxmaqla təsirlənirlər. Bu hər bir insana təsir edir. Bizim də gözəl rejissorlarımız var. Rüstəm İbrahimbəyov bütün dünyada tanınan insandır. Biz gərək bu sahəyə böyük pul ayıraq. Biz belə bir film çəkməklə bu məsələni beynəlxalq səviyyədə təqdim edə bilərik. Bu film bədii də ola bilər, sənədli də. Bu nəyə gətirir? 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Amma Bakıda, gənclərimiz arasında bu nə qədər hiss olundu? Şadlıq evlərində oynayan kim, kefində, əyləncəsində olan kim. Biz bu məsələni birinci özümüz dərk eləməli, sonra kənara çıxarmalıyıq. Bu istiqamətdə də tədbirləri bir az artırmalıyıq.
İkinci, Nizami müəllim də buradadır, bizdə proses necə gedir? Mən Nizami müəllimdən, bütün televiziya və mətbuatdan xahiş edirəm. Bilmirəm, yaxşıdır, pisdir, mənim jurnalist fəaliyyətim olub. Hansı tendensiya gedir? Ermənilərin fəaliyyətinə baxın. Bizdə bir çox insanlar hətta milli məsələlərimizdən alver məqsədi ilə istifadə edirlər. Biri vəzifəyə gəlmək, digəri yaxşı pul qazanmaq istəyir. 5-10 adamı başına yığır ki, mən xaricdə tədbir keçirirəm. Kadrlara baxırıq. Özümüzünkülər yığılıblar, onu da bir dənə xarici televiziya çəkmir. Öz televiziyalarımıza çəkdirirlər, göstərirlər ki, dünyaya tanıtdıq. Bir xarici qonaq yox, bir xarici televiziya yox, sən onu kimə tanıdırsan? Bu daxili təbliğata televiziyalarda attestasiya olmalıdır, bu parazitizmdən qurtarmaq üçün biz bunları göstərməməliyik. Millət vəkillərimizin də bəziləri gedib o tədbirə qatılırlar. Qatılmasınlar o tədbirlərə, biz bu tendensiyadan qurtarmalıyıq. Mənə elə gəlir ki, bununla bağlı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin parlamentdə ildə bir dəfə hesabatı olmalıdır. Hansı tədbirləri keçirib, harada göstərilib, neçə xarici mətbuatda məlumat gedib - bu bilinməlidir. Yoxsa hər il eyni məsələni danışırıq, amma ortada heç bir şey yoxdur. Ermənilərə baxmalıyıq.
Görün nə vəziyyət yaranıb? YUNESKO-nun Baş katibi Naxçıvana missiya göndərib. Doğrudanmı, biz başa düşmürük ki, əslində, bunun arxasında qəbiristanlıq dayanmır. Bunun arxasında o dayanır ki, Azərbaycanın işğal olunmuş əraziləri ikinci fona keçsin, əsas məsələ qalsın. Burada Naxçıvanın özünə iddialar məsələsi var. Ona görə də biz bu sahədə fəaliyyətimizi sürətləndirməliyik.
Konvensiyaya gəlincə, Rəbiyyət xanım maraqlı açıqlama verdi ki, şikayətlərin nə qədəri rədd edilib. Ermənilərin bəzi təşkilatları bu gün Avropa Məhkəməsinə müraciət ediblər, artıq Azərbaycandan kompensasiya istəməyə başlayıblar. Çox güclü şəkildə hazırlaşırlar ki, onlara rədd cavabı verilməsin. Bizim xeyli sayda məcburi köçkünümüz var, onların Avropa Məhkəməsinə müraciət edib, udma şansları çoxdur. Amma bizdə vəziyyət necədir? Hər kəs götürüb Avropa Məhkəməsinə müraciət yazır. Təbii ki, bunları rədd edəcəklər. Çünki Avropa Məhkəməsi müraciətləri bu şəkildə qəbul etmir. Ümumiyyətlə, bu xarakterli məktubları, ərizələri, şikayətləri rədd edəcəklər.
Mən xahiş edirəm ki, ölkədə bir mərkəz yaradılsın. Çox təəssüf ki, konsertə, bir türk müğənnisinin gəlib-getməsinə 100 min dollar pul verən bizim iş adamlarımız bu pulu bir hüquq mərkəzinə qoymurlar ki, Avropa sistemini bilən hüquqşünaslar gəlib bu insanlara kömək etsinlər. Onda gəlin, bunu dövlət etsin. Biz bu məsələni qaldıraq, bir mərkəz yaradılsın, bu insanlara kömək edilsin. Şikayətlər standartlara uyğun olmalıdır ki, onu qəbul etsinlər. Bu çox vacib bir məqamdır. Çünki hər kəs bilməlidir ki, Kiprdə olan məsələ hansı presedentə gətirib çıxarır. Mən çox xahiş edirəm ki, bu məsələlərə, xüsusi ilə bu mərkəzin yaradılmasına diqqətli yanaşaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən də çıxışıma Qənirə xanımın axırıncı təklifinə həmrəy olduğumu bildirməklə başlamaq istəyirəm. Həqiqətən, bir çox sənədlərin, şikayətlərin, müraciətlərin Avropa Məhkəməsindən qaytarılmasının əsas səbəbi bunun konvensiyada nəzərdə tutulan prosedura uyğun olaraq tətbiq edilməməsidir. Təkcə ermənilərə qarşı yox, ümumiyyətlə, insan hüquq və azadlıqlarının pozulmasından şikayət edən vətəndaşlarımıza ixtisaslı, yüksək səviyyəli hüquqi yardımın göstərilməsi həm də dövlətin borcu olmalıdır.
Konkret olaraq, müzakirə olunan məsələyə qayıdaraq bildirmək istəyirəm ki, şübhəsiz, bu protokolun imzalanması müsbət haldır və mən də onun təsdiq olunmasına səs verəcəyəm. Amma müzakirə zamanı səslənən bəzi fikirlərə və faktlara münasibətimi bildirirəm. Keçən il Avropa Məhkəməsinə müraciətlərin azalmasını guya Azərbaycanda insan hüququ və azadlıqların qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlayan hörmətli Rəbiyyət xanımın fikirləri ilə razı deyiləm. Ona görə ki, Avropa Məhkəməsinə müraciətlər əsas etibarı ilə 6 noyabr seçkilərindən sonra vətəndaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulması ilə əlaqədardır və həmin müraciətlərin bir çoxu hələ qeydə alınmayıb. Çünki bilirsiniz ki, bu sənədlərin hazırlanması, məhkəməyə göndərilməsi və qeydə alınması 4-5 ay çəkir. Sizi inandırıram ki, 2005-ci ildə şikayətlər heç də az deyildir və bu tendensiyanı azalma xətti ilə izah eləmək doğru deyil.
Avropa Məhkəməsinə olan müraciətlərin içərisində mənim də, 2003-cü il oktyabr hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin də şikayətləri vardır. Bu şikayətlər prioritet qaydada qəbul olunacaqdır. Şəxsən mənim üçün çox ağır itki budur ki, Pənah Hüseyn Azərbaycana qarşı iddia qaldırır. Bilirsiniz, burada şikayətlər dövlətə qarşı iddia olaraq qaldırılır. Hər halda biz belə bir müraciəti etməyə məcbur olmuşduq. Burada çıxışlarda ifadə olundu, bir çox vətəndaşlarımız məhz Azərbaycan məhkəmələrinin fəaliyyətindəki qanunsuzluğa görə belə müraciətlər etməyə məcbur olurlar.
Təəssüflə qeyd eləmək lazım gəlir ki, bu qanunsuzluqlar bu gün də davam etdirilir. Konkret olaraq ədalətli mühakimə hüququnun əsas prinsiplərindən biri olan açıq məhkəmə hüququ pozulmaqda davam eləyir. Mən ictimaiyyətdə çox ciddi rezonansa səbəb olmuş Ruslan Bəşirlinin məhkəməsi ilə əlaqədar bu məsələni bildirmək istəyirəm. Burada bəyan edirəm ki, Azərbaycan müxalifəti və onun nümayəndəsi olaraq biz həmin hadisə barədə bütün təfərrüatı və detalları ilə açıq-aşkar şəkildə məhkəmə araşdırılmasının keçirilməsini və ictimaiyyətin bu barədə məlumata malik olmasının tərəfdarı kimi çıxış edirik, bunda maraqlıyıq. Çünki keçən il bu hadisə zamanı Azərbaycanın demokratik müxalifətinə qarşı seçkilərlə əlaqədar Azərbaycanın da xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlanmış təxribat edilib. Ümid edirdik ki, nəhayət, məhkəmədə bu məsələyə aydınlıq gələcək.
Amma Azərbaycan məhkəməsi - Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə heç bir qanunauyğun əsas gətirmədən Avropa Konvensiyasının insan hüquq və azadlıqlarının əsas prinsipləri olan açıq məhkəmə hüququnu pozaraq məhkəməni qapalı keçirmək barədə qərar qəbul eləmişdir. Mən inanıram ki, Avropa Məhkəməsində baxılan potensial işlərdən biri artıq hazırdır. Çünki bu hadisə zamanı istintaq sirrinin pozulması hallarına qarşı “Azadlıq” blokunun etirazlarına cavab olaraq işi aparan müstəntiq bildirmişdi ki, bu, cəmiyyətdə ciddi marağa səbəb olduğuna görə biz hələ məhkəmə olmamasına baxmayaraq televiziyaya və digər mətbuat vasitələrinə istintaq materialları barədə məlumat verdik. Sizə xatırladıram ki, Bakı şəhərində quraşdırılmış monitorlarda hətta həmin istintaq materiallarına aid kasetlər nümayiş etdirilir.
İndi nə baş vermişdir? Mən buna bizim iddialarımızın, bu işin siyasi xarakterinin, Azərbaycan müxalifətinə qarşı siyasi təxribat olmasının bir dəlili kimi baxıram. İkincisi, yenə başqa bir məhkəmə, Biləsuvar rayonunda seçki komissiyasının üzvü və katibi olan...
Sədrlik edən. Mən demirəm ki, yekunlaşdırın, amma mahiyyəti üzrə danışın. Yoxsa Siz başlamısınız ki, filan məhkəmə elə gəldi, filan məhkəmə belə gəldi. Mən çıxış edənlərdən xahiş edirəm, müzakirə etdiyimiz protokolla əlaqədar danışsınlar. Buyurun.
P. Hüseyn. Yenə də komissiyanın üzvünə qarşı insan hüquq və azadlıqlarında və konkret ədalət məhkəməsinə aid məsələlərdə təxribatçı agent operativ məlumatlarından istifadə edilməsinə dair iddialar da pozularaq, məhkəmədə guya məxfi şəkildə əldə olunmuş operativ məlumatların açıqlanmaması barədə mövcud olmayan müddəalara əsaslanaraq məhkəmənin birtərəfli qaydada aparılmasının şahidi olduq. Mən bütün bunları detal kimi əlavə elədim. Hesab edirəm ki, bizim hamımızın, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin borcu ondan ibarətdir ki, məhkəmələrdə, bütün məsələlərdə, xüsusi ilə siyasi xarakterli məsələlərdə bu konvensiyanın müddəalarına əməl edilməsinə ciddi şəkildə riayət olunsun. Ona görə ki, biz Azərbaycan Respublikasına qarşı, Azərbaycan dövlətinə qarşı vətəndaşlarımızın Avropa Məhkəməsində iddiaları ilə mümkün qədər az rastlaşaq. Bu sahəyə hələlik ümidsizəm, amma hər halda bu ümidlə çıxışımı yekunlaşdırıram.
Sədrlik edən. Aydındır. Mən bir məsələni qeyd eləyim. Mən hörmətli deputat həmkarlarıma müraciət eləyirəm, biz konkret olaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunu müzakirə eləyirik, ayrı-ayrı cinayət işlərini, məhkəmə proseslərini yox. Konkret olaraq Ruslan Bəşirli ilə əlaqədar danışırsınızsa, bu adamın konkret cinayəti var, buna görə məsuliyyətə cəlb olunub, nəticəsi də məhkəmə tərəfindən müəyyən olunacaq. O ki qaldı məhkəmənin açıq və ya qapalı iclasına, bu bizim Cinayət-Prosessual Məcəllə ilə məhkəməyə verilmiş səlahiyyətdir. Törədilmiş cinayətin ağırlığına və xarakterinə müvafiq olaraq məhkəmə iclası açıq da keçirilə bilər, qapalı da keçirilə bilər. Sizin şəxsi mülahizələrinizin heç bir əsası yoxdur. Ona görə mən hesab edirəm ki, məhkəmələrə belə təzyiq eləmək lazım deyil. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, şübhəsiz ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə məsələ ilə bağlı bir-iki fikrimi nəzərinizə çatdırmaq istərdim. Əli müəllim gözəl qeyd elədi, şübhəsiz ki, bu gün Azərbaycanda Avropa standartlarına uyğun bütün sistemlərin dəyişdirilməsi və uyğunlaşdırılması Azərbaycanın Avropaya inteqrasiyası sahəsində atılmış böyük addımlardır. Bir fikri də qeyd eləmək istərdim ki, bu gün Avropa məkanında məhkəmə proseslərində iştirak edən hər bir azərbaycanlı vətəndaşın dövlət tərəfindən təminatı olması gözəl bir haldır. Amma heç bir məntiqə sığmayan bir fikirdir ki, əgər hər hansı bir vətəndaş öz dövlətindən şikayət eləyirsə və dövlətinə qarşı iddia qaldırırsa, dövlət özünə qarşı qaldırılmış iddianı maliyyələşdirməlidir. Yəni başqa sözlə desək, ona vəkil tutmalı və ya onun məhkəmə iddiasının təmin olunması üçün müəyyən proseslərdə iştirak eləməlidir. Açığı, mən bunun məntiqini başa düşə bilmirəm və inanmıram ki, hər hansı bir dövlət bu cür addım atmış olsun.
Şübhəsiz, gözəl bir fikir var ki, özəl sektorda olan insanlar Azərbaycanın sosial həyatında və ictimai həyatında baş verən proseslərlə bağlı mərkəzlərin yaradılmasında yardımçı olsunlar. Çox yaxşı olardı ki, özəl sektor tərəfindən yaradılan və fəaliyyət göstərmək imkanında olan belə bir sosial qurum yerli iş adamlarının nəzərinə ciddi olaraq çatdırılsın.
İcazə versəydiniz, bir məsələni də nəzərinizə çatdırardım. Bu gün burada oturan hər bir millət vəkili öncə Azərbaycan vətəndaşıdır, bir ailənin başçısı, ata və anadır. Mən tam məsuliyyətlə demək istəyirəm ki, bu gün Ruslan Bəşirli olayı bütün ata və anaların öz övladları ilə bağlı fikirlərində müəyyən dəyişiklik yaradan bir ictimai prosesə çevrildi.
Sədrlik edən. Çox hörmətli Gülər xanım, mən üzr istəyirəm, burada ciddi bir sənədin müzakirəsi gedir. Bilirsiniz, bu, Ruslan Bəşirli məsələsi deyil. Milli Məclisdə ciddi
bir sənədin müzakirəsi gedir. Ruslan Bəşirlinin məsələsinə məhkəmədə baxılacaq və qiymət də veriləcək.
G. Əhmədova. Çox istərdim ki, müxalifət bundan siyasi alver kimi istifadə eləməsin. Çox yaxşı olardı ki, bu gəncin yenidən normal həyata qaytarılması üçün doğru-düzgün addımlar atılsın. Əsas fikrim bundan ibarətdir ki, bu gün müzakirə edilən konvensiya, əslində, bu gün Avropa məkanına atdığımız böyük addımlardan biridir. Mən hesab edirəm ki, bu konvensiyanı qəbul etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Gülər xanım. Rəbiyyət xanım, mən xahiş edirəm, burada səslənən fikirlərə münasibətinizi bildirin, konvensiyanın dili, tərcüməsi ilə bağlı məsələlərə aydınlıq gətirin.
R. Aslanova. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu gün çox vacib bir sənədin qəbul edilməsi hər birimizə aydındır. Mən hörmətli həmkarlarımın dedikləri bəzi iradlara münasibətimi bildirmək istəyirəm. Fazil Mustafayevin iradı ilə razıyıq, konvensiyanın dilində ciddi qüsurlar var. Biz Xarici İşlər Nazirliyinə müraciət etmişik ki, bizə sənədlər dəqiq göndərilsin. İnanıram ki, bu məsələyə baxılacaq.
Digər məsələyə münasibətimi bildirmək istəyirəm. Dedim ki, Azərbaycandan göndərilmiş ərizələrin 800-ü rədd edilib. Nə üçün? Ona görə ki, bunlar əsassızdır. Bu gün millət vəkili olan Pənah Hüseynin göndərdiyi ərizənin də taleyi bu cür olacaq. Bu, birmənalıdır. Çünki bu gün parlamentdə olan, öz seçicilərini təmsil edən bir adamın dövlətdən şikayət etməyə haqqı yoxdur. Mən Qənirə xanımın dedikləri ilə tamamilə razıyam. Mən bu gün gözləyirdim ki, millət vəkillərimiz Avropa Məhkəməsi ilə bağlı başqa məsələdən danışacaqlar. Bu gün Ermənistanın iki ictimai təşkilatı Bakıdan, Sumqayıtdan, Gəncədən köçən ermənilərin guya hüquqlarının pozulması haqqında Avropa Məhkəməsinə şikayət verib. Onlar nəinki maddi kompensasiya, həm də mənəvi kompensasiya tələb edirlər. Gözləyirdim ki, müxalifət nümayəndələri, siyasi məhbus problemini ortaya atanlar, Avropa Məhkəməsinə saysız-hesabsız məktub yazanlar bundan danışacaqlar.
Biz bu gün Ermənistandan, işğal olunmuş ərazilərdən köçürülmüş azərbaycanlılarımızın hüquq və azadlıqlarının qorunması üçün, onların dağıdılmış, viran olmuş evlərinin, mallarının, mülklərinin qorunması üçün nə etmişik? Heç olmasa, biri deyə idi ki, 1988-1990-cı illərdə notarius idarələrində ermənilərin öz evlərini satması haqqında külli miqdarda sənədlər var, gəlin, o sənədləri toplayaq, birləşək. Məgər burada müxalifət-iqtidar var? Həmişə deyirlər ki, bunu dövlət eləməlidir. “Malıdır”, “məlidir” şəkilçilərindən əl çəkin. Biriniz deyin ki, bugünkü günə qədər hansı işi görmüsünüz? Mən sual verirəm, bu günə qədər qaçqın və köçkünlərin mülki iddiaları ilə bağlı Avropa Məhkəməsinə bir sənəd göndərmisinizmi? Yox. Özünüz haqqında, əlbəttə, yazacaqsınız. Yazacaqsınız ki, hüquqlarım pozulub, yazacaqsınız ki, istədiklərimizi bizə verməyiblər. Şəxsi ambisiyalarınızı kənara qoyun.
Hesab edirəm ki, bu, olduqca vacib sənəddir və hər bir Azərbaycan vətəndaşı Avropa Məhkəməsinə müraciət etməzdən qabaq, ilk növbədə, milli heysiyyət, milli yiyəlik hissini yaşamalıdır. Bu hiss yoxdursa, yazacaqlar. Avropa Məhkəməsində çalışan insanlar gözəl hüquqşünaslardır, insan hüququ və azadlıqları sahəsindəki Azərbaycandakı uğurları, demokratik islahatların yüksəlişini görürlər. Ona görə də bu cür şikayətlər rədd ediləcəkdir. Mən bütün həmkarlarımı bu protokola səs verməyə çağırıram. Hər birimiz Azərbaycan adını, Azərbaycan şərəfini yüksək tutaraq Avropa Məhkəməsində çalışan bizim hakimimizin fəaliyyətinə çətinliklər yaratmamaq üçün bu protokola səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Ziyafət müəllim, bircə kəlmə demək istəyirəm. Bilirsiniz, məni nə təəccübləndirir? Avropa Şurasına qoşulan biz, bu konvensiyaya qoşulan biz, hüquqları müdafiə eləyən biz, mexanizmi yaradan biz, kimə irad tuturlar? Hansı hakimiyyət, hansı dövlət bu imkanı yaradıb? İndi bizdən şikayət edirlər.
Bu konvensiyanın, protokolun mahiyyəti nədir? Azərbaycan dövləti öz siyasi iradəsini nümayiş etdirir. Əgər dövlətdaxili mexanizm imkan verməyibsə, buyur. Bu gün qoşulduğumuz konvensiyalara müdaxilə bu cür olunmamalıdır. Bütün Avropa dövlətlərindən şikayətlər olur. Mən istəmirəm ki, sırf hüquqi məsələləri siyasi müstəviyə keçirsinlər. Bu fikri demək istəyirdim.
Sədrlik edən. Aydındır, çox sağ olun. Mən hesab edirəm, müzakirədən sonra belə bir fikrə gəlmək olar ki, biz bu protokola qoşulmalıyıq. Çünki “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya qoşulmuşuq. Bu konvensiyanın artıq dördüncü protokoluna qoşuluruq. Hesab edirəm ki, bu bizim dövlət mənafeyimizin, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi nöqteyi-nəzərindən olduqca vacib sənəddir. Mən sizin hamınızı bu sənədə səs verməyə dəvət edirəm. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. İkinci məsələ “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Mayin (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin və həmin Müqaviləyə dair Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqındadır, üçüncü məsələ isə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının təsdiq edilməsi barədədir. Hörmətli həmkarlar, istəyirəm, sizinlə məsləhətləşəm. Hər iki məsələ üzrə məruzəçi Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərovdur. Etiraz yoxdursa, hər iki məsələ üzrə məruzə eləsin, amma ayrı-ayrılıqda səsə qoyaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Təqdim olunmuş məsələ ilə əlaqədar son illər həyata keçirilmiş və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulmuş fəaliyyətlər və layihələr barədə qısa bir məlumat vermək istəyirəm. Bütün mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 604 min 500 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri mövcuddur. Qısa şəkildə deyim ki, 6 milli park, 13 dövlət təbiət qoruğu və 21 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Mövcud milli parkların, dövlət təbiət qoruqlarının, dövlət təbiət yasaqlıqlarının daha səmərəli işlənməsi ilə bərabər, yaxın gələcəkdə dövlət büdcəsi, xarici yardım və qrantlar vasitəsi ilə Şahdağ Milli Parkının, mövcud Göy göl və Qızılağac dövlət qoruqlarının ərazilərinin genişləndirilərək müvafiq milli parkların, yeni dövlət təbiət qoruqlarının Azərbaycanda ilk Geoloji milli parkın yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Bu tədbirlər sırasında bu gün müzakirənizə təqdim olunmuş “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi də var.
Hazırda müzakirənizə təqdim olunmuş “KfW” Bankı ilə Azərbaycan Respublikası Hökuməti arasında “Maliyyələşdirmə Müqaviləsi” və “Xüsusi Razılaşma” Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı Almaniya Federativ Respublikasının Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən “Qafqaz təşəbbüsü” layihəsinin bir hissəsidir.
Bu proqramın məqsədi nadir Qafqaz ekoregionunda biomüxtəlifliyin qorunub saxlanması, ardıcıl və səmərəli strategiyanın hazırlanması və bu strategiya çərçivəsində müvafiq layihələrin yüksək standartlara uyğun həyata keçirilməsinə dəstək vermək və yardım etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekoregional Proqramın İcraçı Agentliyi və KfW bankı arasında aparılan müzakirələr və danışıqlar zamanı tərəflərin razılığı ilə “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinə üstünlük verilmişdir. Bu layihəyə üstünlük verəndə həmin ərazinin zəngin bioloji müxtəlifliyə malik olması, Xəzər sahili boyu meşə ərazilərində endomik və relik bitki növlərinin zənginliyi, sahil boyu buranın qızıl balıq, çəki kimi balıq növlərinin təbii kürüləmə sahəsi və köçəri quşların müvəqqəti məskunlaşdıqları ərazi olması əsas meyarlar kimi götürülmüşdür.
Tərəflər arasında aparılan danışıqların ilkin nəticəsi olaraq 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bank arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda Samur-Yalama Milli Parkının yaradılması, Zaqatala Dövlət Təbiət Qoruğunun genişləndirilməsi, birgə transsərhəd katibliyin yaradılması və sair kimi məsələlər əhatə olunmuşdur. Nəzərinizə təqdim olunmuş bu iki saziş, qeyd olunan Anlaşma Memorandumunda göstərilmiş “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi Azərbaycan Respublikası və KfW bankı arasında imzalanmışdır. Bunlardan birincisi, Maliyyələşdirmə Müqaviləsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və KfW arasında imzalanmışdır.
Müqaviləyə əsasən, bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu layihə ilə əlaqədar yaranacaq xüsusi qurum tərəfindən görüləcək işlərin bir hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün, birinci növbədə tələb olunacaq xarici valyuta xərclərinin ödənilməsi üçün əvəzsiz olaraq 2 milyon 550 avro dəyərində yardım edəcəkdir. Bu məbləğin istifadə istiqamətləri və maddələr üzrə ilkin bölgüsü ümumi şəkildə Əlavə 3-də göstərilmişdir. Ancaq bu maliyyə yardımı ilə görüləcək işlər, xidmətlər, mallar və bununla əlaqədar xərclər layihənin icrasına başlanandan bu müqavilədə və xüsusi razılaşmada göstərilmiş qaydalar və prosedurlar nəticəsində tərəflər arasında razılaşdırılmış icra proqramında daha geniş və dəqiq şəkildə göstəriləcək və buna uyğun icra olunacaqdır. Bununla bağlı müqavilənin - Xüsusi Razılaşmanın 3-cü maddəsinin 6.1-ci və 6.2-ci bəndlərinə baxa bilərsiniz. Əlbəttə, bu tipli sazişlərdə olduğu kimi, maliyyə yardımı birdəfəlik və ya şərtsiz verilmir.
Yardım vəsaitləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun tələbnaməsi əsasında, tərəflər arasında razılaşdırılmış qaydada, o cümlədən alınacaq vəsaitin təyinatı üzrə xərclənəcəyini təsdiq edən sənədlərə müvafiq ödəniləcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumu yardım vəsaitlərindən vergilər və ya başqa büdcə xərcləri ödənişləri üçün istifadə edə bilməz. Bu şərt həm də “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa uyğundur. Bu qanunun 5-ci maddəsinin 2-ci bəndində yazılır: “qrant kimi alınan pul və ya hər hansı digər maddi yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur”. Müqavilənin 3-cü maddəsində göstərilir ki, təyin edilmiş hallarda vəsait ödənişləri müvəqqəti dayandırıla və hətta ödənilmiş vəsaitlər geri qaytarıla bilər. Bunlar hansı hallardır? Fövqəladə hallar nəticəsində layihənin həyata keçirilməsinə, idarə edilməsinə maneələr, təhlükələr yaranarsa, razılaşdırılmış zaman müddətində bunlar aradan qaldırılmazsa, götürülən öhdəliklər yerinə yetirilməzsə, verilmiş vəsaitlərdən razılaşdırılmış məqsədlər üçün istifadə edilməzsə, bu, baş verə bilər.
Artıq həyata keçirilən başqa beynəlxalq sazişlərdə tətbiq olunan bir şərt də müqavilədə - Xüsusi Razılaşmada öz əksini tapıb. Yardım vəsaiti alan tərəf və layihənin icrasını təmin edən qurum layihənin hazırlanması və icrası, maliyyələşdiriləcək avadanlıq və xidmətlər üzrə podratçılarla müqavilələrin bağlanması və maliyyə vəsaitlərinin ayrılması barədə tələbnamənin təqdim edilməsi ilə bağlı tapşırıq verdiyi şəxslərin bu tapşırıqların yerinə yetirilməsi zamanı maliyyə vəsaitlərindən heç bir sui-istifadə hallarına yol verməyəcəklərinə, yaxud qeyri-qanuni, əsassız ödəmələr üçün müraciət etməyəcəklərinə dair öhdəlik götürürlər.
Layihənin səmərəli və gecikmədən həyata keçirilməsinə yönəldilmiş bir şərt də var. KfW 2009-cu il 31 dekabr tarixindən sonra növbəti vəsait ödənişlərindən imtina etmək hüququna malikdir. Layihənin səmərəli icrasını, o cümlədən meşə sahələrinin qorunmasını təmin etmək üçün müvafiq təhlükəsizlik tədbirləri də görüləcəkdir. Ancaq bunlarla bərabər, meşələrə qeyri-qanuni müdaxiləni, ağacların kəsilərək yanacaq kimi istifadəsinin qarşısını almaq üçün layihəni başlamazdan əvvəl Milli Parkın yardım zonasının yaxınlığında yerləşən kəndlər ən azı duru və digər yanacaqlarla təmin edilməli və layihənin həyata keçirildiyi sonrakı mərhələdə qaz kəmərinin çəkilməsi məsələsinə baxılmalıdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Park yaradılandan sonra onun maliyyələşdirilməsi üçün Azərbaycan Hökuməti tərəfindən müvafiq büdcə təminatı nəzərdə tutulubdur. Layihənin və layihə ilə əlaqədar tərəflər arasında razılaşdırılacaq proqramın icraçısı təyin olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yuxarıda göstərilmiş öhdəliklərlə bərabər başqa öhdəliklər də üzərinə götürmüşdür. Bunlar 6-cı maddədə göstərilib. Layihənin icrası ilə əlaqədar hazırlanacaq proqramın həyata keçirilməsi, alınacaq mal, veriləcək xidmətlər, görüləcək işlərlə əlaqədar podrat müqavilələrinin beynəlxalq müsabiqələr əsasında bağlanması, razılaşdırılmış proqramın maliyyələşdirilməsi üçün ayrılmış maliyyə yardımından əlavə tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsi, bütün xərclərin təyinatı üzrə fərqləndiyini təsdiq edən uçotun aparılması və müvafiq sənədlərin təqdim edilməsi və sair bura daxildir.
Nəzərinizə təqdim olunmuş digər saziş KfW və Azərbaycan Hökuməti arasında Maliyyələşdirmə Müqaviləsinə dair imzalanmış Xüsusi Razılaşmadır. Xüsusi Razılaşmada tərəflər arasında və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq məsələləri, regionda həyata keçirilən və keçiriləcək layihələrin icrası ilə əlaqədar əlaqələndirmə, məsləhətləşmələr və birgə strategiyanın hazırlanması, Samur-Yalama Milli Parkının yaradılması və inkişafı ilə əlaqədar məsələlər əhatə olunubdur.
Regionda ekoloji layihələrə dəstək vermək, yardım etmək, bu layihələri bir-biri ilə əlaqələndirmək və bunlarla əlaqədar müvafiq müzakirələr və məsləhətləşmələr aparmaq üçün Dövlətlərarası Birgə Katibliyin yaradılması razılaşdırılıbdır. 403-cü maddəyə əsasən birgə katiblik Azərbaycanla Gürcüstan və Gürcüstanla Ermənistan arasında yaradılır. Birgə katiblik birinci 3 il ərzində Tbilisi şəhərində yerləşir. Bu müddətdən sonra başqa ölkəyə keçirilə bilər. Bu, yerləşmənin proseduru və seçim bütün tərəflərin razılığı əsasında qəbul olunarsa, baş tutar. Birgə katibliyin yaradılması və fəaliyyəti ilə əlaqədar birinci 3 il üçün 1,5 milyon avro dəyərində xərclər Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən belə məqsədlər üçün yaradılmış xüsusi fond hesabına ödəniləcəkdir. Katiblik aşağıdakı vəzifələri yerinə yetirəcəkdir: layihələrə nəzəri-konseptual, maddi-texniki təlim yardımları göstərmək, dövlətlərarası görüşlərin, müzakirələrin hazırlanmasına, keçirilməsinə yardım etmək, milli parkların və qoruq sahələrinin uzunmüddətli maliyyə təminatı ilə bağlı məsələləri nəzərdən keçirmək və sair.
Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar görüləcək işlərə dair Maliyyələşdirmə Müqaviləsində konseptual şəkildə verilmiş razılaşmalar bu sənəddə daha geniş açıqlanmışdır. Layihənin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsuliyyət daşıyacaqdır. Nazirliyin Bioloji sərvətlər və xüsusi qorunan sahələr üzrə şöbəsi proqramın icraçısı təyin edilir. Tərəflər arasında daimi səmərəli əlaqələrin təmin edilməsi üçün nazirlik xüsusi şəxs qismində proqramın direktorunu təyin edəcəkdir. Proqramın həyata keçirilməsi fazası üçün müvəqqəti və maliyyə baxımından müstəqil Mərkəzi İşçi Orqanı yaradılacaqdır. Bu orqan Yalamada, yaxud Xudatda yerləşəcək və layihənin həyata keçirilməsinə birbaşa məsuliyyət daşıyacaqdır.
Müvəqqəti İşçi Orqan tender yolu ilə seçilmiş məsləhətçidən, işçi heyətdən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təyin edilmiş park direktorundan ibarət olacaqdır. Bununla bərabər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daimi icra orqan - park direktoru, baxıcılar, qoruyucular və sair yaradılacaqdır. Bundan əlavə, rayon icra orqanlarının və ictimaiyyətin nümayəndələrindən və parkın direktorundan ibarət Regional Məsləhət Şurası yaradılacaq və bu şuranın da əsas vəzifəsi ictimai nəzarəti təmin etmək, ekoloji maarifləndirməni həyata keçirmək olacaqdır.
Layihənin ilkin təşkili və idarə olunmasını təmin edəcək məsləhətçilər beynəlxalq ictimai tender vasitəsi ilə seçiləcək və onlarla podrat müqaviləsi bağlanacaqdır. Məsləhətçilərin seçilməsində, təyin edilməsində əsas məqsəd layihənin hazırlanmasının həyata keçirilməsində ən yüksək beynəlxalq təcrübə və standartlardan istifadə olunmasını təmin etmək, bu təcrübə və standartlara uyğun işlərin aparılmasını azərbaycanlı mütəxəssislərə öyrətməkdir. Razılaşmada layihə ilə əlaqədar alınacaq mal və xidmətlərə, görüləcək işlərə dair müqavilələrin bağlanması və icra olunması, podratçıların seçilməsi, maliyyə ödənişləri, hesabatların tərtib və təqdim edilməsi proseduru geniş şəkildə əhatə edilib.
Həmçinin Xüsusi Razılaşmada və Maliyyələşdirmə Müqaviləsində Azərbaycan Hökumətinin öhdəlikləri daha geniş şəkildə əks olunubdur. Zaman məhdudiyyətini nəzərə alıram və diqqətinizə görə sizə təşəkkür etmək istəyirəm. Ümidvaram ki, bu sənədlərin qəbul olunmasına səs verəcəksiniz.
İcazə versəniz, ikinci məsələyə keçərdim. Müzakirənizə təqdim olunmuş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Birləşmiş Millətlər Təşkilatının Ətraf mühit proqramının təşəbbüsü və dəstəyi ilə Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə uzunmüddətli, 1995-ci ildən 2003-cü ilə qədər aparılmış danışıqlar nəticəsində hazırlanmışdır. Danışıqların bu qədər davamlı olmasının əsas səbəbi dəniz ətraf mühitinin mühafizəsi məsələləri ilə bərabər, bəzi ölkələrin bu çərçivədə həm də başqa məsələləri əhatə etmək niyyətləri ilə bağlıdır. Tərəflər arasında razılaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Ətraf mühit proqramının mütəxəssisləri tərəfindən dəstəklənmiş Çərçivə Konvensiyası Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın səlahiyyətli nümayəndələri tərəfindən 2003-cü ilin 4 noyabrında Tehranda imzalanmışdır. Texniki səbəblərdən həmin tarixdə orada iştirak etməyən Türkmənistanın nümayəndəsi 3 gündən sonra, 2003-cü ilin 7 noyabr tarixində bu konvensiyanı imzalamışdır. Çərçivə Konvensiyası artıq 4 ölkə tərəfindən ratifikasiya edilmişdir. Konvensiya Azərbaycan tərəfindən ratifikasiya edildikdən sonra müvafiq qaydada Tehranda yerləşən depozitariyə təqdim ediləcək və 90 gündən sonra hüquqi qüvvəyə minəcəkdir.
Çərçivə Konvensiyasının əsas məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.
Çərçivə Konvensiyasının ümumi məqsədlərini təmin etmək üçün razılığa gələn tərəflər öz üzərlərinə müəyyən öhdəliklər götürüblər. Bu, 5-ci maddədə öz əksini tapıb. Tərəflər konvensiyanın ümumi məqsədlərinə nail olmaq üçün müvafiq maddələrdə görüləcək tədbirləri, fərdi fəaliyyətləri, bir-biri ilə, yəni müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı, qurğulardan, sahildən gələn çirklənmənin qarşısının alınması tədbirlərini, fövqəladə hallarda görüləcək işləri, təşkilati və sair məsələləri əhatə ediblər. Müvafiq prosedur qaydalar, o cümlədən dəniz ətraf mühitinə təsirin qiymətləndirilməsi, monitorinqin keçirilməsi, elmi tədqiqatlar və təkmilləşmələrin aparılması, informasiya mübadiləsi və sair konvensiyada geniş şəkildə öz əksini tapıbdır.
Konvensiyanın icrası və müəyyən tədbirlərin, fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq təşkilati strukturların yaradılması və onların fəaliyyət proseduru müəyyənləşdirilibdir. Bunlara nail olmaq üçün ali orqan olaraq tərəflərin konfransı təşkil olunur və bu konfransın funksiyaları göstərilir. Gündəlik fəaliyyəti, əlaqələrin saxlanmasını, informasiya mübadiləsini təmin etmək üçün konvensiyanın katibliyi təşkil edilir. Katibliyin funksiyaları, fəaliyyət prosedurları və qaydaları da konvensiyada geniş şəkildə izah edilibdir.
Konvensiya Azərbaycan, rus, fars, qazax, türkmən və ingilis dillərində imzalanıb və konvensiya, yaxud onun protokollarının tətbiqi və ya təsdiqi ilə bağlı mübahisə yarandıqda ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Bu konvensiyanın imzalanmasına zəruriyyət bir tərəfdən Birləşmiş Millətlər Təşkilatının ekoloji sahədə olan tələbləri və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması ilə əlaqədar beynəlxalq müstəvidə tərəfdar çıxdığı müqavilələrdən irəli gəlir. Digər tərəfdən, Azərbaycan Respublikasının bütün Xəzəryanı dövlətlərlə həmsərhəd olan yeganə dövlət olması və Xəzər dənizinin mineral ehtiyatlarının işlənməsində Azərbaycan tərəfinin əhəmiyyətli fəaliyyəti belə bir razılaşmaya ehtiyacı olduqca artırır. Bu konvensiya Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizə edilməsi, biomüxtəlifliyin qorunması istiqamətində geniş fəaliyyəti və öhdəlikləri bir daha təsdiq edir.
Bunlardan başqa, bu, Azərbaycan Respublikasına imkan verir ki, digər mineral resursların hasilatlarında müvafiq dövlətlərdən ən azı tətbiq etdiyi eyni ekoloji standartlara əməl olunmasını tələb etsin. Həm də Ermənistan və Gürcüstan ərazilərindən, Azərbaycan ərazisindən Xəzər dənizinə gəlib çıxan çirkləndirmələrə beynəlxalq səviyyədə diqqət yetirmək üçün müvafiq hüquqi mexanizmdən istifadə etmək imkanları verir.
Xüsusi olaraq qeyd etmək istərdim ki, konvensiyada Xəzər dənizinin yekun hüquqi statusu məsələsinə dair hər hansı norma nəzərdə tutulmamışdır. Bu sənəd yalnız sahilyanı dövlətlərin dəniz ətrafı mühitlə əlaqədar münasibətlərini tənzimləyir, təhlükəsizlik və Xəzər dənizinin ilkin hüquqi statusuna təsir edəcək müddəanı ehtiva etmir. Eyni zamanda, konvensiyanın 37-ci maddəsində birbaşa olaraq bildirilmişdir ki, konvensiyanın heç bir müddəası Xəzər dənizinin yekun hüquqi statusu ilə bağlı danışıqların nəticələrini əvvəlcədən müəyyən edən müddəa kimi təfsir edilmir. Təşəkkür edirəm. Ümidvaram ki, bu sənədin də qəbul olunmasına səs verəcəksiniz.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Səməd müəllim, hər iki sənəd sizin komissiyada da müzakirə olunub. Buyurun, fikrinizi bildirin.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Valeh müəllim hər iki konvensiya ilə bağlı çox ətraflı danışdı. Ümumiyyətlə, ətraf mühit və ekologiya bizim üçün ən əsas məsələlərdən birinə çevrilib. Birinci sənəd çox spesifik sənəddir. Biz də bu məsələyə komissiyada baxdıq. Beynəlxalq qaydalara və konvensiyalara uyğun olan bir sazişdir və dövlət maraqlarımıza uyğun olan bir məsələdir. Ancaq bununla yanaşı, qeyd etmək lazımdır ki, gələcəkdə bu istiqamətdə qəbul olunacaq sənədlərin əhəmiyyəti həddindən artıq böyükdür.
İkinci konvensiyanın təsdiq olunmasından istifadə edərək mən həyəcan təbilini də çalmaq istəyirəm. Ekologiya bu saat Azərbaycanda ən əsas məsələyə çevrilib. Azərbaycan yüksək səviyyədə iqtisadi islahatlar apararaq dünyada iqtisadi cəhətdən ən öndə gedən ölkəyə çevrilir. Ancaq biz birtərəfli inkişaf etməməliyik, çünki Xəzər dənizini itirə bilərik. Xəzər dənizinin unikallığı göz qabağındadır. Hər gün Xəzər dənizi ilə ünsiyyətdəyik. Soruşa bilərsiniz ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası olaraq bunun sizə nə dəxli var? Ancaq Azərbaycanın dünyada təmsil olunması üçün Bakıya gələn hər bir qonağın Xəzər dənizinin sahilindən, bulvardan keçməsinin əhəmiyyəti həddindən artıq böyükdür. İqtisadiyyatın mədəniyyəti, dövlətin mədəniyyəti onun ekoloji mədəniyyəti ilə birbaşa bağlıdır. Bu məsələ çox vacib və əhəmiyyətlidir. Bu istiqamətdə nə qədər çox işlər görülsə, bir o qədər yaxşıdır. Komissiyamız bu sənədlərin lehinə səs verilməsinə tərəfdardır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Hörmətli deputatlar, mən iclasın əvvəlində qeyd etdim, biz tədbirlə bağlı bu gün saat 3-ə qədər işləməliyik. Hələ bir qanun layihəmiz də var, ona görə bir az operativ işləməliyik. Müzakirəyə keçirik. Müzakirə bir yerdə gedəcək, amma səsvermə ayrı-ayrı olacaq. Hansı sənəd ətrafında istəyirsiniz, danışın. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, Ziyafət müəllim. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası zəruri sənəddir. Bunu qəbul edəcəyik. Amma ikinci sənədlə bağlı ciddi iradlarım var. Burada bir çox müddəalar olduqca şübhəlidir və gələcəkdə Azərbaycan üçün uyğun olmayan bir vəziyyət yarada bilər. “Proqramın təfərrüatları” bölümündə Cənubi Qafqaz regionları üzrə ekoregional təbiəti mühafizə proqramından söhbət gedir. Mətnin içində də, bu, “Qafqaz təşəbbüsünün bir hissəsi” kimi göstərilir. Burada 3 ölkədən danışıldığı halda, ölkələrin adları xüsusi olaraq qeyd olunmur. Bu cür sənədlərdə mütləq qeyd olunmalıdır ki, biz bu istiqamətdə kiminlə əməkdaşlığa gedirik. Bu, narahatlıq yaradır.
Sonra, katibliyin yaranma məsələsində də bu, görünür. Burada verilir ki, Dövlətlərarası Birgə Katiblik yaranır. Amma mətnin içində yazılır ki, bu, Azərbaycanla Gürcüstan arasında və Gürcüstanla Ermənistan arasında yaranır. Əgər bu, birgə layihədirsə, niyə üçü arasında yaranmır və Ermənistanla bizim belə bir sənəddə iştirak etməyimizin hansı faydası var? Bu bizə çatdırılmalı idi.
Digər tərəfdən, burada “Samur-Yalama bölgəsi” ifadəsi işlənilir. Bizdə “bölgə” ifadəsi tez-tez işlənilir. Dəqiq rayonlar göstərilməlidir. Məsələn, Quba rayonunun, yaxud Qusar və Xaçmaz rayonlarının hansı kvadratı bu parka aid ediləcəkdir? Təbii ki, bu, Almaniya tərəfindən verilən bir təklifdir, biz də bunu qiymətləndiririk, belə bir milli parkın yaradılması müsbət bir haldır. Niyə biz bunu Dağıstanla yaratmırıq? Bu, biomüxtəlifliyin qorunması məqsədi ilə edilirsə, burada verilən konkret dövlətlərmi mütləq bunu həyata keçirməlidir? Mənə elə gəlir ki, bu, məntiqli görünmür.
Burada digər ciddi məsələlərdən biri 7.3-cü maddədədir. Göstərilir ki, resipiyent bu müqavilə ilə bağlı hər hansı sahiblik hüququnu başqasına güzəştə getməyə, verməyə, girov qoymaya bilər. Kim öhdəlik götürür? Azərbaycan Hökuməti adından Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bu maddəyə nə ehtiyac var? O bunu kiməsə icarəyəmi verməlidir? Əgər dövlət özü birbaşa tərəf kimi çıxış edirsə, bunun gələcəkdə icarəyə verilməsimi nəzərdə tutulur? Bu, problem yarada bilər. Ola bilsin, düzgün tərcümə edilməyib. Bunu bura qeyd etməyin heç bir əhəmiyyəti yoxdur. Mən xahiş edirəm, hörmətli Valeh müəllim izah etsin, bəlkə burada tərcümə xətası var. Bu sonra bizim üçün uyğun olmaya bilər.
Sonra, bu layihənin bir az narahatedici cəhəti odur ki, burada ictimai monitorinqin necə aparılması göstərilməyib. Kütləvi informasiya vasitələrinin və QHT-lərin ictimai monitorinqinə cəlb olunması mexanizmi burada öz əksini tapmayıb. Adətən, bu cür layihələr o vaxt faydalı olur ki, onun şəffaflığı təmin olunsun. Layihənin bütün detallarında çox ciddi şəkildə əsaslandırılır ki, vəsait kənar yerlərə dağılmasın. Mən bunu təqdiredici hal kimi qiymətləndirirəm.
Mərkəzin müəyyən olunmasında da ciddi problem var. Tbilisi şəhərinin seçilməsi ciddi bir narahatlıq doğurur, gələcəkdə bölgənin liderliyinin kimin üzərində olması məsələsinə bir növ istiqamət verir. Mənə elə gəlir ki, Azərbaycan özünü Gürcüstandan və Ermənistandan iqtisadi cəhətdən daha inkişaf etmiş dövlət hesab edirsə, çalışmalıdır ki, layihələrin mərkəzini də öz üzərinə keçirsin və aparıcı dövlət kimi özünü qəbul etdirə bilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. İki məsələ olduğuna görə bütün çıxışları dinləsəm, sonra cavab verməyə çətinlik çəkəcəyəm. İmkan varsa, birbaşa cavab verim. Birincisi, Azərbaycan tərəfi şərt qoyub ki, Birgə Katiblik 3 ölkədən ibarət ola bilməz. Bu, Azərbaycanla Gürcüstan arasında ola bilər. Gürcüstanla Ermənistan bunu eləmək istəyirlərsə, eləsinlər. Tbilisi şəhərini ona görə seçiblər ki, sabah Yerevan şəhəri desinlər. Biz də onda deyəcəyik ki, Bakı şəhəri olsun. Deməli, birgə katiblik yaranmayıb. Ona görə də hələlik 3 il müddətinə bu şəhər seçilib. Sonralar burada yazılıb ki, tərəflər hamısı razılıq versə, başqa şəhərə də keçirilə bilər.
Samur-Yalama zonası ilə bağlı sərhədlər hələlik dəqiq təyin edilməyib. Bu da gələcək fəaliyyətin bir növüdür. Gələcəkdə milli parkın sərhədləri daha dəqiq təyin ediləcək. Ondan sonra bilinəcək ki, neçə hektarı meşədir, nə qədəri sulu bataqlıq zonasıdır, kürüləmə zonasıdır və sair. 7.3-cü maddədə verilənlər belə sazişlərdə adi haldır. Sabah yeni bir səlahiyyətli qurum yaranacaq, bu öhdəliklər, bu maraqlar və sair yeni yaradılmış quruma keçəcək. İndidən bunu demək olmaz. Ona görə belə bir şərt yazılıb. Ancaq bu, icarəyə vermək, kiməsə satmaq məqsədi daşımır. O başqa bir şeydir.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Samur-Yalama Milli Parkının yaradılması layihəsi Almaniya tərəfindən “Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı” çərçivəsində həyata keçirilir. Bunun dəyəri haradasa 200 milyon 550 min avro nəzərdə tutulur. Qeyd etmək yerinə düşər ki, əgər bir ölkənin ərazisi meşə deyilsə, həmin ölkənin uzunmüddətli, hərtərəfli inkişafı ehtimalı çox aşağıdır. Ona görə də Samur-Yalama Milli Parkının yaradılması həmin ərazidə olan fauna və floranın mühafizə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda belə layihələrin həyata keçirilməsinə böyük ehtiyac var. Müqavilədə göstərilir ki, onun həyata keçirilməsi üçün nəzərdə tutulan öhdəliklərə əməl olunmasa və Azərbaycan tərəfi verilmiş vəsaiti öz təyinatına uyğun istifadə etməsə, - həmin 200 milyon 550 min avrodan söhbət gedir, bu vəsait əvəzsiz olaraq maliyyə yardımı kimi verilir, - maliyyə vəsaitinin ödənilməsi dayandırıla bilər və bütün vəsaitin geri qaytarılması tələb oluna bilər. Deməli, burada Azərbaycan dövlətinin imicindən söhbət gedir və Azərbaycan dövlətinin üzərinə böyük məsuliyyət düşür. Layihə müqavilədə nəzərdə tutulan şərtlərlə həyata keçirilərsə, “Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı” çərçivəsində yeni-yeni layihələrin həyata keçirilməsinə yol açılmış olar.
Müqavilədə göstərilib ki, layihəni reallaşdırmaqdan ötrü müvafiq proqram hazırlanıb həyata keçirilməlidir. Layihənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Proqram layihəsinin hazırlanması və ona nəzarət edilməsi mühəndis-texniki məsələlər üzrə ixtisaslaşmış müstəqil məsləhətçilərə həvalə edilir. Həmin nəzarətin necə həyata keçirilməsi müqavilədə öz əksini tapmayıb.
Eyni zamanda, 7.4-cü maddədə qeyd edilib ki, bu müqavilə Almaniyanın qanunu ilə idarə olunacaq. Həmin fəaliyyət Frankfurt şəhərində həyata keçiriləcəkdir. 4.3-cü maddədə isə göstərilib ki, Birgə Katiblik Tiflisdə yerləşdiriləcək. Fikrimizcə, müqavilənin bu hissələrinə əlavə aydınlıq gətirilməsinə ehtiyac var. Ümumilikdə götürüldükdə isə 12 min 500 hektar sahədə belə bir milli parkın yaradılması müsbət haldır.
Qeyd etmək istəyirəm ki, həmin ərazidə 2007-ci ildə başa çatdırılacaq beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi yolunun çəkilməsinə başlanacaqdır. Ona görə də belə bir layihənin həyata keçirilməsini müsbət hesab edirəm və həmkarlarımı ona səs verməyə çağırıram.
İkinci konvensiyanın 37-ci maddəsinə görə bu sənədin heç bir müddəası Xəzər dənizinin ilkin hüquqi statusu ilə bağlı danışıqların nəticələrini əvvəlcədən müəyyən edən müddəa kimi təfsir edilmir. Bu maddə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. 32-ci maddənin tələblərinə görə isə bu konvensiyaya heç bir qeyd-şərt edilə bilməz. Ona görə hesab edirəm ki, konvensiyanı qəbul etmək lazımdır. Amma eyni zamanda, Xəzərdə ekoloji tarazlığın təmin edilməsi istiqamətində ondan mütləq yararlanmaq lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Müzakirə olunan hər iki məsələ barəsində mənim qısa təkliflərim var. Ümid edirəm ki, bu məsələlər ətrafında müəyyən fikir mübadiləsinin edilməsi bizim qoşulduğumuz layihələrin mahiyyətinin açılmasına və Azərbaycan üçün sərfəli xarakter almasına yardımçı olacaqdır.
Birincisi, Ziyafət müəllim, biz təklif olunmuş, imzalanmış sənədləri, yaxud da hələ layihə formasında olan məsələləri müzakirə edirik. Milli Məclisə göndərilən, deputatlara paylanan nə birinci, nə də ikinci sənədin aşağısında bunların kim tərəfindən imzalanması öz əksini tapıb. Müvafiq nazirliklər Milli Məclisə həmişə bu qaydada sənədlər göndərirlər. Mən, əvvəla, xahiş edirəm, burada sənəd təqdim edən nazirliklərin nümayəndələri iştirak eləsinlər və burada meydana çıxan müəyyən suallara cavab versinlər.
Xəzər dənizi ilə bağlı müqavilədə qeyd olunur ki, aşağıdakı dövlətlərin nümayəndələri imza atırlar. Kim imza atır? Tamamilə ağ sənəddir. Milli Məclisə bu cür münasibət olmaz. Mən hesab edirəm ki, Milli Məclisin rəhbərliyi müvafiq nazirliklərlə danışmalıdır və bura təsdiq olunmuş sənədlər və onların surətləri göndərilməlidir.
Digər bir məsələ qoruğun yaradılması ilə bağlıdır. Fazil müəllim buna toxundu və Valeh müəllim də məsələyə açıqlama gətirdi. Amma hesab edirəm ki, bu sənəd Azərbaycanın maraqlarını yetərincə özündə əks etdirmədiyinə görə biz bunu tətbiq eləməyə tələsməyək. Burada nədən söhbət gedir? Ayrılan vəsaitin miqdarı elə də böyük deyil. Burada 2 milyon yarım avrodan söhbət gedir. Amma nəzərə alsanız ki, Avropa və bütün xarici dövlətlərin, beynəlxalq fondların qarşısında duran məsələlərdən biri Azərbaycanı onun ərazilərini işğal edən Ermənistanla əməkdaşlığa cəlb etməkdir və bu istiqamətdə müəyyən qrant proqramları işlənib hazırlanır. Onun müqabilində biz Ermənistanla əməkdaşlığa getmirik. Bu sənədin bir neçə yerində təkrar olunur ki, 3 Qafqaz respublikasının əməkdaşlığı nəzərdə tutulur, biz buna niyə getməliyik?
Mən sizi inandırıram, əgər hər hansı bir qeyri-hökumət təşkilatı belə bir sənəd hazırlasa idi, bir haray qaldırılacaqdı ki, “ay aman, qoymayın, ermənilərlə əməkdaşlıq edirlər”. Ermənilərlə əməkdaşlıq necə ola bilər? Sadəcə olaraq, sənəddə hiyləgərlik eləyirlər, tez-tez yayğın ifadələr işlədirlər və sənədi oxuyanlarda belə rəy yaradılır ki, guya burada birbaşa əməkdaşlıqdan söhbət getmir. Mən Sizin və bütün deputatların qarşısında bəyan edirəm, bu sənədin elə maddələri var ki, burada söhbət birbaşa, bilavasitə Ermənistanla əməkdaşlıqdan gedir. Ona görə mən təklif edirəm ki, bu sənədi bu gün qəbul eləməyək, əlavə məlumatlar əldə edək. Müvafiq nazirliyin səlahiyyətli nümayəndəsi bura gəlsin, sənədin şübhə doğuran detalları ilə bağlı izahatlar versin. Biz bunu iki həftə gec qəbul eləsək, mənə elə gəlir ki, ciddi bir şey olmaz. Əgər sənəd bu gün qəbul olunacaqsa, mən deputat həmkarlarımı ona səs verməməyə çağırıram. Amma bu gün qəbul olunmayacaqsa, mənə elə gəlir ki, bunu ətraflı şəkildə müzakirə eləməyə dəyər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən birinci sənədin Maliyyələşmə Müqaviləsinə fikrimi bildirmək istəyirəm. Bundan əvvəl də bu və ya digər bankdan kreditlərin götürülməsini Milli Məclisdə təsdiq edərkən öz narahatlığımı ifadə eləmişdim. Bizə verilən sənədlərin bəzilərində maliyyənin bölüşdürülməsində ciddi nöqsanlara yol verilir. Məsələn, mən xatırlayıram ki, Asiya İnkişaf Bankından, Səudiyyə Ərəbistanının banklarından kredit götürülərkən, götürdüyümüz kreditin az qala 10 faizini “məsləhət xərcləri” adı altında qaytarıb həmin bankların özlərinə verirdik. Burada da çox maraqlıdır ki, 2,5 milyon avrodan söhbət gedir. Amma bunun 970 min avrosu az qala üçdə birindən də artığı gözlənilməyən xərclər kimi nəzərdə tutulub. Yaxud burada bir neçə bənd üzrə ayrılan vəsaitin məbləği göstərilir. Məsələn, yerli işçilər və ekspertlər, beynəlxalq müşahidəçi, maşın-avadanlıq və cari xərclər üçün 550 min. Bəlli olmur ki, bu pul necə bölüşdürüləcək, kimə nə qədər veriləcəkdir. Ona görə hesab edirəm ki, Maliyyələşmə Müqaviləsində bu xərclər bölməsi ilə bağlı millət vəkillərinə daha ətraflı məlumat verilməlidir.
Mən vaxtı ilə də məsələ qaldırmışdım, indi də qaldırıram. Milli Məclis təşəbbüsdə olmalıdır ki, bu cür müqavilələr təsdiq olunarkən bunlar Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında ekspertizadan keçirilsin. Yəni belə sənədlər müvafiq ekspertizadan keçiriləndən sonra Milli Məclisin təsdiqinə göndərilsin.
İkinci müzakirə olunan məsələ Xəzər dənizinin ekologiyası ilə bağlıdır. Mən xatırlayıram, mərhum Prezident Heydər Əliyev özü bir dəfə Bakı Şəhər İcra Hakimiyyətinə tapşırmışdı ki, Milli Parka axıdılan çirkab sularının qarşısını almaq üçün təmizləyici qurğular tikilsin. Sumqayıtda, Bakı şəhərində çirkab sularını Xəzər dənizinə axıdırıq.
Bizim Daxili Nizamnamənin 18-ci maddəsinə görə əgər hər hansı bir qanunu qəbul ediriksə, yaxud müqaviləni təsdiq ediriksə, bu, müəyyən maliyyə xərcləri tələb edirsə, mütləq büdcə ekspertizasından keçməlidir. Millət vəkillərinə məlumat verilməlidir ki, bunu təsdiq etməklə Azərbaycan üzərinə öhdəlik götürür, sabah biz bunun yerinə yetirilməsi üçün bu vəsaiti haradan alacağıq və bizə nə qədər vəsait lazımdır. Mən hesab edirəm ki, bu məsələ də müəyyən mənada kiçik məsələdir.
Yeri gəlmişkən, qeyd eləmək istəyirəm ki, vaxtı ilə mən də Milli Məclisdə bu Milli Parkın məsələsini qaldırmışdım. Çox təəssüf ki, bəzi səviyyəsizlər, reket jurnalistlər, - onlara jurnalist demək olarsa, - o zaman az qala məni lağ obyektinə çevirmişdilər ki, millət vəkili Milli Parkın təmizlənməsi məsələsini gündəmə gətirir. Amma bir millətin sanitariya qaydalarına əməl etməsi, təmizliyi o millətin səviyyəsi barədə, o millətin kimliyi barədə dünyada fikir formalaşdırır. Ona görə mən də o fikirdəyəm ki, zamanı gəlib çatıb, Azərbaycanın imkanları da var, Milli Parkın təmizlənməsi, ora çirkab suların axıdılmasının qarşısının alınması məsələsi hökumətin qarşısında çox ciddiyyəti ilə qoyulmalıdır. Milli Parkla Şıxov çimərliyi arasındakı məsafə qısa bir məsafədir, orada antisanitariya hökm sürür. Xəzər dənizində suyun çirklənməsi normadan faizlərlə ölçülmür, dəfələrlə çoxdur. Bakıda havalar yayda çox isti keçir, ona görə camaat məcburdur ki, çimərliklərdən istifadə eləsin. Bu da insanların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. Bu məsələlərlə bağlı biz bu öhdəliyi götürürük, sonra bunu necə icra edəcəyik? Əgər Valeh müəllimin imkanı varsa, bu məsələyə də aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bu gün müzakirə olunan hər iki sənəd, hesab edirəm ki, həddən artıq aktualdır. Həmin sənədlər barədə öz mülahizələrimi tezis formasında bildirmək istəyirəm. Birincisi, Samur-Yalama Milli Parkının yaradılması barədə bir neçə söz demək istərdim. Bu çox aktual bir mövzudur. Çünki Azərbaycanda bilavasitə bu cür layihələrin yerinə yetirilməsi, o cümlədən bu layihələrin Cənubi Qafqaz üçün işlənib hazırlanaraq təbiəti mühafizə proqramı çərçivəsində həyata keçirilməsi bir neçə cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Burada birbaşa təhlükəli məqamları da dedilər. Amma hesab edirəm ki, məhz Cənubi Qafqazda Təbiəti Mühafizə Proqramı çərçivəsində işlərin görülməsi işğal olunmuş zonalarda ermənilər tərəfindən məhz ekoloji tarazlığın pozulması istiqamətində vurulan ziyanların qarşısının alınması sahəsində mühüm rol oynaya bilər. Əgər belə layihələri yüksək keyfiyyətdə həyata keçirsək, Almaniya hökuməti ilə əməkdaşlığı daha da genişləndirsək, bir tərəfdən Azərbaycanın digər guşələrində bu cür layihələrin reallaşdırılması üçün yol açılacaq, digər tərəfdən də bütövlükdə Cənubi Qafqaz çərçivəsində həyata keçirilən belə layihələr işğal olunmuş zonalarda da təbiətin dağıdılmasının qarşısının alınmasına müəyyən dərəcədə təsir edəcəkdir.
Burada qaldırılan məsələlərlə bağlı ictimai nəzarət mexanizminin zəif olmasını xüsusi qeyd eləmək istəyirəm. Proqramı da, nəzarəti də mühəndis mütəxəssislərindən ibarət xüsusi bir qrup həyata keçirəcək. Hesab edirəm ki, bu, beynəlxalq praktikada çox nadir hallarda tətbiq olunan məsələdir. Bura ictimai nəzarətin gücləndirilməsi və eyni zamanda, bu sənədləri qəbul edən parlamentin bilavasitə bunların hansı keyfiyyətdə, hansı səviyyədə yerinə yetirilməsini müəyyən müddətdən sonra yoxlaması məqsədəuyğun olar.
İkinci sənəd, hesab edirəm ki, fövqəladə dərəcədə aktual bir sənəddir. Çünki Xəzərin mühafizə olunması, onun ekoloji tarazlığının təmin edilməsi təkcə Azərbaycan, Xəzəryanı dövlətlər üçün deyil, bütünlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Ona görə də bu sənədin qəbul edilməsi mütləq vacibdir. Eyni zamanda, bunun digər maraqlı cəhəti də budur ki, sənəddə Azərbaycan üçün kifayət qədər ciddi məqamlar var, biz həmin məqamlardan faydalanmalıyıq. Bu, ilk sənəddir ki, Xəzərin ekoloji problemlərinin həllinə Xəzəryanı dövlətlər birgə səy göstərməyə başlayırlar. Amma bu dövlətlərin heç biri həmin problemləri ya ayrı-ayrı, ya da birgə həll eləməyə qadir deyillər. Ona görə ki, bunların heç biri donor dövlət deyil. Hesab edirəm ki, bu sənəddən istifadə edərək, beynəlxalq təşkilatların və donor dövlətlərin Xəzərin problemlərinin həllinin sürətləndirilməsinə cəlb edilməsi həddindən artıq mühüm məsələdir. Artıq bu sənəd mənim dediyim məsələyə yaşıl işıq yandırır, yol açır.
Sənəddə xüsusi bir məsələ 8-ci maddədə öz əksini tapır. Bu, Xəzərin dibində fəaliyyətlə bağlı məsələdir. Azərbaycan gələcəkdə protokollar imzalayan zaman bu məsələdə diqqətli olmalıdır ki, zaman gələcək, Xəzərin dibi ilə Mərkəzi Asiyanın karbohidrogen ehtiyatları Avropaya yönələcək. Əlavə tələb olunan protokollar imzalanan zaman ehtiyatlı olmaq lazımdır ki, Azərbaycana sonradan imzasına görə ciddi maneələr yaranmasın.
Diqqət çəkən məsələlərdən biri də Xəzərin səviyyəsinin dəyişməsi ilə bağlıdır ki, o da burada öz əksini tapıb. Hesab edirəm, bu məsələyə həm Xəzəryanı dövlətləri, həm də bilavasitə beynəlxalq təşkilatları cəlb eləməklə xüsusi proqramların, tədqiqatların, monitorinqlərin aparılmasına maliyyə imkanları açılır. Həmin maliyyə imkanları hesabına həm Azərbaycanda, həm də digər Xəzəryanı dövlətlərdə olan kifayət qədər ixtisaslaşmış mütəxəssislərin təminatlı bir mexanizmini yaratmaq olar. Beləliklə, 5 ölkədə Xəzərin problemlərinin həlli üçün ixtisaslaşmış, səriştəli mütəxəssislər korpusu yaranar ki, bu da Xəzərin problemlərinin həllində hesab edirəm ki, mühüm rol oynaya bilər.
Azərbaycan ərazisi üzrə çirklənmənin günahı bizdə deyil. Burada Araz və Kür çayı, xüsusən Ermənistanın Araza axıtdığı tullantılar vasitəsi ilə xeyli dərəcədə problemlər yaranır. Belə bir şəraitdə hesab edirəm ki, konfranslar zamanı məhz Araz və Kür çayı vasitəsi ilə Xəzərin çirklənməsi məsələsinə xüsusi diqqətin yönəldilməsinə və bu zaman kompensasiyalar mexanizminin daha da təkmilləşdirilməsinə, onun təkcə Xəzəryanı dövlətlərə yox, bilavasitə çirklənməkdə günahkar olan ölkələrə də şamil edilməsi istiqamətində şanslar yaranır ki, bundan istifadə eləmək olar. Biz də material hazırlamışıq, hamısını 5 dəqiqədə demək mümkün deyil. Əgər məsləhət olsa, bu materialı sizə təqdim eləyə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, əsasən, təqdim olunan ikinci sənəd barədə danışacağam. Mənə təəccüblü gəlir ki, bu sənədin Azərbaycanın mənafeyinə uyğun olduğu vurğulanır. Belə bir məsələyə diqqət cəlb olunmur ki, bu sənədin üzərində 8 il iş aparılıb. 3 ilə yaxındır ki, bu sənəd imzalanıb, amma indi təsdiqə gəlib. Yəni sənəd birmənalı sənəd deyil. Məlumdur ki, bir sıra sahilyanı dövlətlər - konkret Rusiya və İran tərəfindən uzun müddətdir, Xəzər məsələsindən Azərbaycan diplomatiyasına qarşı təzyiq və şantaj vasitəsi kimi istifadə olunmağa cəhd göstərilir. Ümumiyyətlə, Xəzər məsələsinə dair müqavilələrdə, mən hesab edirəm, iki minimum məsələ mütləq gözlənilməlidir. Yəni elə etmək lazımdır ki, o sənədlərdən Azərbaycanın suveren hüquq və mənafelərinin əleyhinə istifadə oluna bilməsin. Xüsusən Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsi - həmin maddədə Xəzər dənizinin Azərbaycana məxsus bölməsi üzərində Azərbaycanın ərazi suverenliyi təsbit olunub - və bir də Azərbaycanın təbii ehtiyatlarının Azərbaycan dövlətinə mənsubluğu haqqında 14-cü maddəsinin müddəaları pozulmasın.
Mən elə hesab edirəm ki, sənədlərdə bu prinsiplər kifayət qədər qorunmayıb. Sübut kimi dəlillər gətirilir ki, konvensiyanın 37-ci maddəsi Xəzər dənizinin statusu ilə bağlı danışıqların nəticələrini əvvəlcədən müəyyən edən müddəa kimi təfsir edilmir. Amma bu danışıqların nə vaxt qurtaracağı məlum deyildir. Ümumiyyətlə, belə bir yekun sənədin imzalanmaması hələ məlum deyildir və ona görə də həmin dövrə qədərki mövcud situasiyada bu konvensiyanın müddəalarının Xəzərin statusuna aid edilib-edilməməsi məsələsi açıq qalır. Ona görə bu sənədi imzalayarkən iştirak eləyən nümayəndələrimiz buna nail olmalı idilər ki, ümumiyyətlə, bu sənəddəki hər hansı bir müddəa Xəzərin hüquqi statusuna aid məsələlər üçün şərh olunmur.
Məsələnin ikinci cəhətinə diqqətinizi cəlb eləyim. Bundan qabaq danışan hörmətli Milli Məclis üzvləri də dedilər, ümumiyyətlə, mən də təklif edirəm ki, beynəlxalq sənədlər bizə təqdim olunarkən onların mübahisəli məqamlar zamanı əsas götürülən mətni, - məsələn, burada ingilis dilli mətn əsas götürüləcək, - verilsin. Nəyə görə mən bunu qeyd edirəm. Xarici İşlər Nazirliyinin nümayəndəsindən mən həmin mətni aldım, məsələn, 37-ci maddədə mənə elə gəlir ki, ingilis dilli variantda daha uğurlu ifadə işlənib. Orada yazılıb: “nasinq in ze konvenşn”, yəni “bu konvensiyada heç nə”. Amma bizim mətndə rus dilindən tərcümə olunaraq “konvensiyada hər hansı bir müddəa” kimi işlənib. Hesab edirəm ki, ingilis variantı daha doğrudur.
İkinci deyəcəyim məsələ bu sənəddə Xəzəryanı dövlətlərin suveren hüquqlarının hər hansı bir formada təsbit olunmamasıdır. Biz ekoloji cəhətdən Xəzərin çirklənməsini və Xəzərin ekoloji təhlükəsizliyi üçün çox ciddi təhlükələrin olmasını bilirik. Amma bu sahədə konvensiya faktiki olaraq elə bir fayda verməyərək, Xəzər ətrafında ekologiyadan az çirkli olmayan siyasi mühitin daha da çirklənməsinə və siyasi mühitin daha da təhlükəli olmasına gətirib çıxara bilər. Burada 14-cü maddə “Dəniz ətraf mühitinin qorunması, mühafizəsi və bərpası” haqqındadır. Təbii sərvətlərin işlənməsi, dövlətlərin suveren hüquqlarının təsbitindən başlayır. Buna görə də hesab edirəm ki, bu məsələnin qeyri-müəyyən şəkildə qoyulması, yəni sahilyanı dövlətlərin, həmçinin Azərbaycanın Xəzər üzərindəki, o cümlədən təbii sərvətlərin işlənməsi, onlardan istifadə üzərindəki suveren hüquqlarının təsbit olunmaması bizim üçün problemlərə gətirib çıxara bilər.
Burada qeyd-şərtlər məsələsi də tərifləndi. Bilirsiniz, ümumiyyətlə, beynəlxalq müqavilələr bağlanarkən hər bir dövlətin qeyd-şərtdən istifadə eləməsi onun iradəsinin ifadəsi üçün olan mexanizmlərdən biridir və Xəzər məsələsi kimi həssas məsələdə bundan imtinaya çox ehtiyatla yanaşmaq lazımdır. Məsələn, 26-cı maddənin ikinci bəndində yazılır: “Bu konvensiyanın müddəaları tərəfləri razılığa gələn tərəflərin fərdi və ya birgə olaraq bu konvensiyada müəyyən edilmiş tədbirlərdən daha sərt tədbirlər görmək və həyata keçirmək hüquqlarına təsir etmir”. Məlum olmur ki, hansı sahədə, özünə məxsus olan ərazidə, yoxsa digər ölkəyə aid olan ərazidə? Bu cür məsələlər ümumi öhdəliklərdə də öz əksini tapmışdır.
Burada BMT-nin adı çəkildi, nüfuzu qeyd olundu. Ümumiyyətlə, ekoloji məsələlərin mühafizəsi dövlətlərin ciddi öhdəliklərindən biridir, ona görə də bunu tətbiq etmək lazım gələcəkdir. Amma bir halda ki qeyd-şərtsiz eləmək mümkün deyil, mən təklif edərdim, Milli Məclis müqavilələr hüququ haqqındakı...
Sədrlik edən. Sağ olun, mövqeyiniz aydındır. Valeh müəllim, buyurun.
V. Ələsgərov. 7.4-cü maddədə göstərilən şərtlə bağlı deyim ki, yardımı verən Almaniya Federativ Respublikasının hər hansı bir bankı deyil, dövlət bankıdır. Bu, dövlət vəsaitidir. İkincisi, bu layihə almanların təklifindən, ya da təzyiqindən həyata keçirilmir. Bu, seçilmiş 37 layihədən biridir. Azərbaycan Respublikasının Hökuməti bunu həyata keçirəcək. Yardım olunarsa, bu yardımdan istifadə eləyib xarici təcrübədən, bilikdən, standartlardan istifadə edilərək layihə həyata keçiriləcəkdir. Bu layihənin beynəlxalq standartlara uyğun hazırlanmasını, idarə olunmasını təmin etmək üçün bu məsləhətçilər lazımdır. Məsləhətçilər, beynəlxalq standartlara uyğun avadanlıqlar, texnologiyalar lazım olmasa idi, yardıma da ehtiyac olmazdı, Azərbaycan hökuməti öz vəsaiti hesabına bunu həyata keçirə bilərdi. Ona görə də bunu belə qəbul eləmək düz deyil ki, sonra özləri xərcləsinlər deyə pul verirlər. Hər halda bu layihə ilə əlaqədar bunu demək düzgün deyil. Bu vəsait də, məsləhətçi də, təcrübə də onun üçün cəlb olunur ki, bu layihənin beynəlxalq standartlara uyğun həyata keçirilməsi təmin edilsin. Bu da çox vacibdir. Bunu beynəlxalq standartlara uyğun həyata keçirsək, başqa layihələrə yardım və dəstək ala bilərik.
Deyirsiniz ki, bizi Ermənistanla əməkdaşlığa məcbur edirlər. Bu ifadəni eşitmək mənim üçün çox təəccüblüdür. Nə Ermənistanla, nə də mövcud problemlərlə bunun heç bir əlaqəsi yoxdur. Azərbaycan tərəfinin tələbi belə olmuşdur ki, 3 tərəfli katiblik ola bilməz. Gürcüstanla transsərhəd əməkdaşlıq məsələsi var. Gürcüstanla Azərbaycan birgə katiblik yaradır. Ermənistanla da Gürcüstan bunu yaradıb, əməkdaşlıq eləyə bilərlər. Lazım olsa, qeyri-rəsmi məsləhətləşmələr, müzakirə, əməkdaşlıq ola bilər. Ancaq Ermənistanla hüquqi cəhətdən əsaslandırılmış hər hansı bir əməkdaşlıqdan bu sənəddə söhbət getmir, gedə də bilməz. Bunu bu şəkildə ifadə etmək düzgün deyil.
Mən öz çıxışımda qeyd elədim, vəsaitlərin bölünməsi Əlavə 3-də ümumi şəkildə verilibdir. Çünki layihənin icrasına başlanılmayıbdır, buna başlamadan əvvəl də heç kim dəqiq deyə bilməz, bura nə qədər vəsait lazımdır. Ona görə də Maliyyə Müqaviləsində və Xüsusi Razılaşmada nəzərdə tutulubdur ki, layihənin icrasına başlanandan sonra müvafiq orqanlar yaradılacaqdır. Bu müvafiq orqanlar məsləhətçilərlə, - bunlar elə belə məsləhətçi deyil, - layihənin koordinatoru, mühasibi və sair ilə bizim mütəxəssislər dəqiq proqram hazırlayacaqlar. Hansı xidmətlərin, hansı malların lazım olacağı təyin ediləndən sonra, bura sərf olunacaq vəsait də müəyyənləşəcəkdir. Samur-Yalama ilə əlaqədar başqa şeyləri demək istəmirəm. Mən üzr istəyirəm, fikirləşmirdim ki, belə bir kiçik layihə ilə əlaqədar burada bu qədər geniş söhbət açılacaqdır.
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası ilə bağlı Pənah bəy dedi ki, ekoloji problemlərdən istifadə edərək Azərbaycana təsir göstərirlər. Çox düzgün fikirdir. Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin qarşısını almağa çalışırlar. Ona görə də belə bir konvensiyanın qəbul edilməsi bizim üçün çox vacibdir. Çünki bu konvensiyanın qəbul edilməsi ilə hansısa oyunlarda bu məsələlərdən istifadə etmək imkanları yox olur.
İkincisi, Azərbaycan tərəfinə imkan yaranır ki, Xəzər dənizinin başqa sektorlarında aparılan işlərdə Azərbaycan layihələrində olduğu kimi, beynəlxalq standartların tətbiq olunmasını tələb etsin. Bu çox önəmlidir, vacibdir.
Bundan başqa, bu konvensiyanın qəbul edilməsi bizə hüquqi mexanizm, forum, bu məsələləri ortaya çıxarıb həllini tələb etməyə imkanlar yaradır. Ermənistandan, Gürcüstandan nə qədər çirkab axıdılır, bunlar da məlum olmalıdır. Bu konvensiyanın bir məqsədi də budur ki, Xəzər dənizinə tökülən çirklənmiş tullantıların hamısını bizim adımıza yazmasınlar və biz bunu başqalarından da tələb eləyə bilək. Ona görə də bu danışıqlar 1995-ci ildən 2003-cü ilə qədər davam edirdi.
Bəzi ölkələr, Pənah bəy, dediyiniz kimi, bu konvensiyanı ümumi çərçivədə həll eləmək istəyirdilər. Biz buna gedə bilmərik. Hüquqi statusun öz yeri, başqa məsələlərin öz yeri var. Bu gün həll oluna bilən ən önəmli məsələ ətraf mühitin qorunmasıdır. Ona görə də Azərbaycan öz mənafelərini qoruyaraq ancaq bu çərçivədə razılığa gəlibdir. Bu sazişdə çox düzgün qeyd olunub ki, başqa məsələlərə bunun aidiyyəti yoxdur. Burada bu gün hər hansı bir məsələdə, sabah isə başqa məsələdə razılığa gəlmək kimi niyyət güdülmür. Bu da sənəddə çox düzgün qeyd olunubdur.
Tərcümə ilə bağlı burada fikirlər səsləndi. Əsas məsələ ondan ibarətdir ki, əgər tərəflər arasında mübahisə olarsa, burada qeyd olunub, ingilis dilində olan mətn əsas tutulacaqdır. Həm beynəlxalq hüquq normalarına, həm də bu gün tərəfdaş olduğumuz sazişlərə uyğun olaraq, sənəddə hər şey ingilis dilində çox dəqiq, çox düzgün qeyd olunubdur. Bir problem də ola bilməz.
Statusun həll olunması ilə bağlı deyim ki, Azərbaycan Respublikası bu gün beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Yeni layihələr də beynəlxalq standartlara uyğun həyata keçirilir. Bundan sonra da bu iş davam edəcəkdir. Çünki beynəlxalq hüququn bir norması da var, əgər hər hansı bir məsələyə dair dövlətlər razılığa gələ bilmirsə, razılığa gələnə qədər praktiki tətbiq olunan fəaliyyət həyata keçirilə bilər.
Bilirsiniz ki, sovetlərlə İranın arasında status məsələsi tənzimlənməmişdir, həll olunmamışdır, çünki imzalanmış o iki dənə sənəd ona aid idi. Ancaq buna baxmayaraq, Sovetlər Birliyi öz qanunvericilik çərçivəsində elan elədiyi öz suveren ərazisində bütün işləri aparırdı. İran da bu işləri aparırdı. Bunun davamçısı olaraq biz də bunu apara bilərik və aparırıq da. Kim nə deyir, desin, biz öz suveren imkanlarımızdan, qanunlarımızdan istifadə eləyərək bunu həyata keçiririk. “Azəri Çıraq”da qaz, neft kəmərləri tikilir, platformalar tikilir, “Şahdəniz” inkişaf eləyir. Bunun qarşısını almaq mümkün deyil. Biz beynəlxalq normalara uyğun hərəkət eləyirik və bu, davam eləyəcəkdir. Ona görə də bu konvensiyada hər hansı bir şübhələndirici şey görmək düzgün deyil. Bu məsləhətləşmələr həm də Birləşmiş Millətlər Təşkilatının, başqa ölkələrin təcrübəli, bilikli, savadlı ekspertləri ilə aparılıbdır və Azərbaycan tərəfinin mövqeyi bu vaxta qədər olduğu kimi çox yüksək səviyyədə qorunubdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Mən hesab edirəm ki, Valeh müəllim, doğrudan da, kifayət qədər güclü arqumentlərlə bu məsələyə aydınlıq gətirdi. Əgər etiraz yoxdursa, xahiş edirəm, birinci sənədə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 90
Əleyhinə 5
Bitərəf 1
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 0
İştirak edir  92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında qanun layihəsidir. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən göndərilmiş Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında qanun layihəsi ikinci oxunuşda sizin müzakirənizə təqdim olunur. 2006-cı il 7 mart tarixində birinci oxunuşda Milli Məclisin müzakirəsinə verilmiş qanun layihəsinə hörmətli həmkarlarımın bu sənədin zamanın tələbinə cavab verdiyini və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli fərmanında olan müddəaların vacibliyini yekdilliklə nəzərə alaraq səs vermələrini nəzərinizə çatdırıram. 2006-cı il 29 mart tarixində iki komissiyada - Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları daimi komissiyalarında qanun layihəsinin müzakirəsi keçirilmiş, həmkarlarım öz rəy və təkliflərini bildirmişdilər. Sizin bugünkü tövsiyələriniz də qanunun mükəmməl bir sənəd kimi təkmilləşməsinə xidmət edəcəkdir. Bu, sabaha ünvanlanmış qanundur. Sabahın həqiqətinin bu günün həqiqətindən güclü olduğunu nəzərə alsaq, daha çox məsuliyyət hissi yaşamalıyıq.
3 fəsil, 14 maddədən ibarət qanun layihəsinin hər bir müddəası milli qanunvericiliyimizə, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanır. I fəsil 3 maddədən ibarətdir. 1-ci maddə “Əsas anlayışlar” adlanır, burada 4 əsas müddəanın mahiyyəti açıqlanır. Bunlardan birincisi dövlət reyestri ifadəsidir. Dövlət reyestri Azərbaycan Respublikası vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə sənədləşdirilmiş bir neçə informasiya bazaları mövcuddur. Azərbaycan reyestrində əhalinin öyrənilməsi, əhali haqqında məlumatın toplanması ilə müxtəlif dövlət orqanları məşğul olmuşdur. 1920-cı ildə formalaşdırılmağa başlamış Azərbaycan statistika orqanları bu günə qədər mühüm işlər görmüşdülər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək siyasəti, məşğulluq siyasəti, demoqrafiya, miqrasiya sahəsində təhqiqatlar aparmışdır. Milli Elmlər Akademiyasının İqtisadiyyat, Coğrafiya, Kibernetika institutlarını, Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunu, Dövlət Statistika Komitəsini və bütün nazirliklərin hər birini belə informasiya bazası adlandırmaq olar. Lakin informasiyaların toplanmasına və vahid dövlət informasiya ehtiyatının yaranmasına ilk dəfədir ki, başlanılır. Bu, əhalinin dövlət reyestrində toplanacaqdır.
1.0.2-ci maddədə yazılır: “Dövlət reyestrinin informasiya sistemi - dövlət reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrinin imzalanmış məcmusu”dur.
Üçüncü anlayış “fərdi identifikasiya nömrəsi”dir. Bəzən bunu şəxsi eyniləşdirmə nömrəsi kimi də qeyd edirlər. Ancaq sənəddə bu, fərdi identifikasiya nömrəsi kimi gedir və bu hər bir şəxsə verilən, onun barəsində məlumat daxil edilən vahid təkrarolunmaz koddur.
Nəhayət, dördüncü anlayış “dövlət reyestrinin istifadəçiləri”dir. Bəzən bu şəxslərin səlahiyyət dairəsinin dəqiq müəyyən edilməməsindən səhv fikirlər səslənir. “Dövlət reyestrinin istifadəçiləri” reyestr xidmətində işləyən insanlar deyil, bunlar reyestrin məlumatlarından istifadə edən dövlət, yerli özünüidarəetmə orqanları, vətəndaşlar və əcnəbilərdir.
2-ci maddə “Reyestrin aparılması məqsədi” adlanır. Bu məqsəd əhalinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya məsələləri və sair problemlərdir. Bunlar ən vacib məsələlərdir. Dövlətin öz əhalisinə aid olan məlumatları dəqiqləşdirməsi, əhali arasında fasiləsiz, dönməz kəmiyyət və keyfiyyət dəyişikliklərini aşkara çıxarması, miqrasiyanın istiqamətini müəyyən etməsi olduqca vacibdir. Bunun vacib cəhətlərindən biri də odur ki, bu, nəticədə demoqrafik proqnozlaşmanın və demoqrafik modellərin formalaşmasına imkan yaradır.
Bu gün biz Dövlət reyestri haqqında qanunu ilkin sənəd kimi qəbul edirik. Ancaq nəzərinizə çatdırım ki, müxtəlif ölkələrin tarixində məhz bu cür sənədlər olmuşdur. İndi səsləndirəcəyim faktlar qanunun mahiyyətindən bir az uzaq görünsə də, hər halda tarixə ekskursiyaya bir ehtiyac var.
İlk dəfə qədim Çində belə bir dövlət reyestri hazırlanmışdır. Bu, bu gün bizim o siyahıya saldığımız bütün müddəalar üzrə insanların fəaliyyətini əks etdirirdi. Sasanilər və ərəb xilafəti dövründə, hətta 1254-cü ildə monqollar işğal etdikləri torpaqlarda əhalinin siyahıya alınmasını keçirmişdilər. O siyahıya alınma adi bir say tərkibi deyildi, hətta demoqrafik prosesləri, miqrasiyanın istiqamətini də özündə əks etdirirdi.
Böyük Azərbaycan hökmdarları, 1699-1700-ci illərdə Səfəvilər dövləti də böyük bir kampaniyaya başlamışdılar. Bütün bunların hər biri məhz bu prosesin böyük tarixə malik olduğunu göstərir. Ancaq bir şeyi deyim ki, 19-cu yüzilliyin əvvəllərində Azərbaycanın bölünməsi və Rusiyaya ilhaq edilməsindən sonra, böyük təhriflər dövrü başlandı və Azərbaycan ərazisində gedən proseslər haqqında qeyri-dəqiq məlumatlar kitablara salınmağa başladı. XIX əsrin sonlarında Həsən bəy Zərdabi Azərbaycan kəndlərində əhalinin qeydiyyatına cavabdeh olan starşinaların məhz bu təhriflərini ortaya qoyurdu və “Naşa statistika” adlı məqaləsində belə statistik məlumatların, bu kampaniyanın başlanan bəlaların sabahı olacağını deyirdi. Bu cür vacib bir məqama, gedən proseslərə biganəlik göstərməyimiz bizim faciələrimizin səbəbi idi.
Bir faktı qeyd etmək istərdim. Bu gün bizdə Azərbaycanda yaşayan 8 milyona qədər əhalinin statistikası ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında da kifayət qədər məlumat var. Mənim rəsmi orqanlardan aldığım məlumata əsasən respublikamızda dünyanın 55 ölkəsindən 3635 əcnəbi, 1787 vətəndaşlığı olmayan şəxs qeydiyyatdadır. Sözsüz ki, bütün bunların hər biri haqqında məlumatın olması və onların dövlət reyestrinə daxil olması vacib cəhətdir. Müzakirə zamanı 2.2-ci və 2.3-cü maddələrin, yəni “Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir” və “Dövlət Reyestrinin məlumatlarından şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz” müddəalarının 10-cu maddəyə keçirilməsinə dair həmkarlarımın səsləndirdiyi iradı haqlı sayırıq. Bu gün deyiləcək digər tövsiyələrlə bərabər, bu, qanun layihəsinə ediləcək düzəlişlər sırasına salınacaqdır.
II fəsil 9 maddədən ibarətdir. Maddə 4 “Dövlət reyestrinin informasiya sistemi”, maddə 5 “Dövlət reyestrinin tərkibi” adlanır. Bunlar kifayət qədər aydın məqamlardır. Ən çox mübahisələrə səbəb olan 6-cı maddədir. Bəzi həmkarlarım bu siyahıya milliyyət, məhkumluq, ailə vəziyyəti və hətta təhsil haqqında da məlumatların salınmasını təklif edirdilər. Mən ötən dəfə də bunu demişdim, ümumiyyətlə, bir sıra ölkələrdə bu siyahıda bu və ya digər şəxs haqqında təqribən 39-41 arasında məlumatın verilməsi təklif olunur. Lakin biz hesab edirik ki, bu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə ziddir. Azərbaycan Respublikası 2001-ci ildə konvensiyanı imzalamış, onun müddəalarının yerinə yetirilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Konvensiyanın 8-ci maddəsində deyilir ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə, yaşama sisteminə hörmət hüququna malikdir. Qanun layihəsindəki 18 adlı siyahı kifayət edər.
Siyahıda öz əksini tapan biometrik göstəricilərin dəqiqləşdirilməsi haqqında hörmətli həmkarlarımızın fikirlərini haqlı hesab edirik. Rövşən Rzayev belə bir təklif irəli sürdü ki, biometrik məlumatların hamısı dəqiqləşdirilməlidir. Yəni istər göz qişası, istərsə də əl izləri və sair orada öz əksini tapmalıdır. Ancaq bir cəhəti də qeyd edim ki, müasir dövrdə beynəlxalq terrorizmin, transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu yeni təhdidlərin, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasının səmərəli üsullarından biri də dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını təmin edəcək biometrik eyniləşdirmə sistemlərindən istifadə olunmasıdır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı il 6 mart tarixində Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə dövlət komissiyası və dövlət proqramının hazırlanması haqqında sərəncam imzalanmışdır. Həmin sərəncamda beynəlxalq standartlara cavab verən əhali haqqında vahid məlumat bazasının formalaşmasını və biometrik pasportların, eyni zamanda, şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasını təmin edən milli və beynəlxalq standartların haqları qeyd edilmişdir. Bunları nəzərə alaraq, əhalinin dövlət reyestrində tutulacaq biometrik əlamətlərin siyahısı və onların toplanma qaydasının müəyyənləşdirilməsi həmin sərəncamla yaradılan dövlət komissiyası tərəfindən həyata keçiriləcəkdir. Mən çalışıram maddə-maddə izah eləyim ki, artıq suallara ehtiyac qalmasın.
Bir cəhəti də qeyd edim. 7.7-ci maddədə verilmiş dövlət reyestrinin aparılma qaydası həmkarlarımı narahat edirdi. Bunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə həyata keçiriləcəkdir. Əsasnamə var.
İdentifikasiya nömrəsi ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Fərdi identifikasiya nömrəsi insana ömürlük verilir və həmin şəxs öldükdə və ya məhkəmə qaydasında ölmüş elan edildikdə o arxivləşdirilir, təkrar istifadəyə verilmir. Hörmətli həmkarlarımın sualı olmuşdu ki, şəxs vətənini tərk edib başqa yerdə yaşayıbsa, uzun müddətdən sonra geri qayıtmırsa, həmin kod necə olacaq? Həmin kod arxivdən o şəxsə qaytarılacaqdır.
Dövlət reyestrinin məlumatlarındakı düzəlişə gəldikdə isə deyim ki, hər bir şəxsin dövlətdə özü haqqında olan məlumatları almaq və orada düzəliş etmək hüququ var. Bu məlumatların səhihliyini təmin edən dövlət reyestrində kifayət qədər düzəlişlər edilməsi mümkündür. Həmin şəxs özü haqqında məlumatları pulsuz olaraq alır. Düzəlişləri ya özü edir, ya da bu düzəlişlərin edilməsi məhkəmə vasitəsi ilə olursa, məhkəməyə müraciət edir.
Burada bir cəhət də var. 10-cu maddə “Dövlət Reyestrindən məlumatların verilməsi qaydası”dır. Azərbaycan Respublikasının qəbul edəcəyi qaydada qadının öz yoldaşı və yaxud yaxın qohumları haqqında məlumat almaq imkanı var. Lakin Avropa təfəkkürünə bu yaddır. Avropa hüquq məkanında bir şəxsin öz yaxınları haqqında belə məlumat alması, bilavasitə həmin şəxsin razılığı ilə bağlıdır. Ancaq biz müəyyən özünəməxsusluqları nəzərə alaraq bunu bura salmışıq.
Hər bir kəsi narahat edən məlumatların mühafizəsi, xüsusilə də dövlət reyestrinin qorunması məsələsidir. Böyük sayda məlumatları özündə əks etdirən, özündə toplayan bu reyestrin, o informasiyanın məhv olunması və ya başqaları tərəfindən əldə olunması təhlükəli haldır. Bunu nəzərə alaraq sənədlər toplusu mərkəzdən kənarda saxlanılır və onun mühafizəsi təmin edilir.
Nəhayət, “Yekun müddəalar” haqqında bəzi məsələləri deyim. Bu qanunun pozulmasına görə məsuliyyət vəzifəli şəxslərin üzərinə düşür. Onlar məlumatları dəqiq verməlidirlər. Bu qanunun pozulması müvafiq qanunvericiliyimizlə tənzimlənir. Hörmətli həmkarlarım, vaxtın azlığı kifayət qədər vacib olan qanun haqqında geniş məlumat verməyə imkan vermir. Nə etmək olar, əlahəzrət zamanın öz hökmü, öz tələbi var. Ancaq mən bir şeyi bilirəm ki, dövlət öz vətəndaşı haqqında onun şəxsi həyatına müdaxilə etmək hüquqlarını məhdudlaşdırmaq şərti ilə çox dəqiq məlumata malik olmalıdır. Bu olduqca vacib sənəddir. Siz birinci oxunuşda buna birmənalı səs vermisiniz və hesab edirəm ki, bu gün də deyəcəyiniz rəy və iradlar bu qanunun təkmil bir sənəd kimi ortaya çıxmasına yardım edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, müzakirəyə keçməzdən əvvəl, biz qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Bu, strateji xarakterli qanunlar sırasına aiddir. Ona görə də Azərbaycan üçün böyük aktuallıq kəsb edir. Qanun yığcam hazırlanıb. Elmi səviyyəsi kifayət qədər yüksəkdir. Amma bir sıra dəyişikliklərin və əlavələrin edilməsini vacib hesab edirik.
İlk növbədə, qeyd eləmək istəyirik ki, informasiya çox vacib və dəyərli resurslar kateqoriyasına aiddir. Onun öz bazarı, istehsalçısı və istifadəçiləri olur. Ona görə də qanunda hər şeydən əvvəl, həmin informasiyaların istehsalçısı və istifadəçiləri arasında münasibətlərin aydınlaşdırılmasına ehtiyac var.
İkinci ciddi məsələ bilavasitə qanunun məqsədi ilə bağlıdır. Həmin məqsədlərə, 2-ci maddəyə baxanda diqqət edəcəyik ki, qanun strateji xarakter daşıyır, amma məqsədlər çox kiçik-kiçik məqamları özündə əks elətdirir. Ona görə də həmin məqsədlərə ən ciddi bir məqamın qeyd olunmasını vacib hesab edirik. Bu, ölkə və region səviyyəsində iqtisadi, sosial, demoqrafik və sair proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılmasından ötrü obyektiv informasiya sistemini yaratmaq məsələsidir. Hesab edirəm ki, belə bir maddənin ora artırılması mühüm əhəmiyyət kəsb eləyir. Bununla əlaqədar olaraq, 2-ci maddənin 2.1-ci bəndinin 2.1.2-ci kimi aşağıdakı redaksiyada verilməsini vacib hesab edirik: “Əhalinin yerləşməsi və tərkibi, miqrasiyasının dairəsi və istiqaməti, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatları toplamaq, onları daim təzələmək”. Bu, əhali ilə bağlıdırsa, burada mütləq və mütləq “daim” sözünün olmasını məqsədəuyğun hesab edirik.
Yenə də 2.3-cü maddəyə diqqət versək, görərik ki, orada dövlət reyestrinin aparılmasının məqsədləri yox, xarakterik cəhətləri və prinsipləri öz əskini tapıb. Bunların məqsədlə elə bir əlaqəsi yoxdur. Ona görə də həmin bəndlərlə bağlı əlavə bir başlığa ehtiyac vardır.
Eyni zamanda, təklif edirik ki, bura aşağıdakı redaksiyada iki eyni məqamın da əlavə edilməsi vacibdir. Birinci, əhalinin dövlət reyestri ilə bağlı işlər müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilməlidir, ikinci, əhalinin dövlət reyestri ölkə və regional səviyyədə əlaqələndirilməlidir. Bu məqamları əlavə eləməklə burada yeni bir başlığın yaranmasına ehtiyac var. Bu çox mühüm əhəmiyyət kəsb edir.
Bu qanunun səmərəli işləməsindən ötrü bir sıra şərtlər tələb olunur. Birinci, metroloji vahidlik məsələsidir, yəni müxtəlif təşkilatlarda mövcud olan informasiya bazası və onun əlaqələndirilməsi vahid metrologiyaya əsaslanmalıdır. Mütləq bu öz əksini tapmalıdır. İkinci, texnoloji vahidliyin təmin edilməsi məsələsidir. Yəni həmin məlumatlar bazası arasında qarşılıqlı əlaqə genişləndirilməli və normativ sənədlərlə təsdiq edilməlidir. Üçüncü isə informasiyanın təhlükəsizliyinin təmin edilməsidir. Üçüncü məqam qanunda öz əksini tapıb, qeyd elədiyim birinci və ikinci məqamlar isə öz əksini tapmayıb. Hesab edirəm, bu cür məqamların qanun layihəsində öz əskini tapması onun daha da dolğunlaşmasına, qanunda boşluqların aradan qaldırılmasına, onun səmərəli fəaliyyət göstərməsinə kömək edər. Bunların qanun layihəsinə əlavə edilməsini təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası əhalisi-nin dövlət reyestri haqqında qanun layihəsi çox vacibdir və inteqrasiya olduğumuz dünyanın tələblərini özündə əks elətdirir. Eyni zamanda, bu, Azərbaycan vətəndaşları haqqında məlumatların toplanması, saxlanması, vətəndaşların hərəkəti ilə bağlı məsələlərin tənzim edilməsi baxımından əhəmiyyətli sənəd hesab oluna bilər. Mənə elə gəlir ki, bu, çoxdan qəbul olunmalı idi, amma hər halda indi qəbul eləməyimiz də mütərəqqi hadisədir. Sənəd yaxşı hazırlanıb, hüquqi baxımdan lazım olan məsələləri özündə əks etdirir.
İkinci oxunuş olduğu üçün mən bir sıra məsələlərə sizin diqqətinizi cəlb etmək istəyirəm. Bu bizim hamımıza aid olan məsələdir və qanunun 6-cı maddəsi ilə bağlıdır. Mənə elə gəlir ki, hüquqşünaslar bu məsələnin həllini tapmalıdır lar. Fərdi identifikasiya nömrəsində sadalanır ki, hansı məsələlər burada əks olunmalıdır. Bunun birincisi addır. Ziyafət müəllim, biz dünyada az olan o dövlətlərdənik ki, vətəndaşlarımızın adları tərcümə olunur. Bu elə də yaxşı bir şey deyil. Məsələn, “c” hərfi ilə olan ad rus dilində “dj” ilə işlənir. Yaxud Siz vətəndaşların pasportuna baxın, ad, familiya Azərbaycan dilində bir cür yazılır, ingilis dilində başqa cür.
Sədrlik edən. Tərcümə deyil ki, sadəcə olaraq, dilin qrammatik quruluşuna görə hər dildə familiyanın yazılma qaydası var. Məsələn, Əsgərov familiyası rus dilində Askerov, ingilis dilində Asgarov gedir. Çünki hər bir dilin özünə uyğun xüsusiyyətləri var. Bu, tərcümə deyil.
C. Həsənli. İcazə verin, izah eləyim. Türkiyəni nümunə götürək, Türkiyədə istər dövlət sənədlərində, istərsə də tarixi, siyasi ədəbiyyatda hər hansı bir xarici vətəndaşın adı, əslində, necə varsa, o cür yazılır və bu barədə onlarda qanun qəbul edilmişdir. Pasportda adın iki cür yazılması beynəlxalq təcrübədə elə də müsbət hadisə kimi qəbul olunmur. Mən təklif edirəm, biz bunun həllini tapaq.
Sədrlik edən. Cəmil müəllim, gəlin, belə danışaq. Rus dilində nə “h” var, nə də “ə” var, Cəmil Həsənlini necə yazsınlar?
C. Həsənli. Hansı hərflər ki yoxdur, inkişaf eləmiş dövlətlər bunu necə həll edibsə, biz də o formada həll eləyək.
Sədrlik edən. Forması tapılıb da, forması elə budur, başqa cür mümkün deyil. Bu, uzun illərin praktikasıdır və güman eləmirəm ki, biz burada yeni bir şey kəşf eləyə bilərik.
C. Həsənli. Mən ümid edirəm ki, Siz bu məsələ ilə ətraflı şəkildə tanış olsanız, təsdiq edərsiniz ki, bu sahədə nöqsanlar var. Gəlin, bu nöqsanları düzəldək. İdentifikasiya tərtib olunursa, bu məsələ hökmən öz həllini tapmalıdır. Siz özünüz də gələcəkdə görəcəksiniz ki, bu necə ciddi problemlər yaradır. Məsələn, amerikalı var ki, biz bu gün onun adını olduğu kimi yazmırıq. Məsələn, Mak Karze. “Mak” sözündə “a” hərfi yazılmır, “mc” yazılır. Amma biz bu vətəndaşın adını olduğu kimi yox, özümüz anladığımız kimi, tələffüz etdiyimiz kimi ədəbiyyatımıza, sənədlərimizə gətiririk. Bu tipli məsələlər Azərbaycan vətəndaşlarının da adlarında var, hesab edirəm ki, bu, diqqəti çəkən məsələdir.
Sonra, 6.1.9-cu maddədə “ailə vəziyyəti” ifadəsi var. İnsanların bəzən əvvəlki nikahları olur, bu məsələ də identifikasiya kodunda əksini tapsa, məncə, yaxşı olar. Bir də, indi Azərbaycan vətəndaşlarının tez-tez vətəndaşlıqdan çıxma halları olur. Bunlar qayıdarkən artıq təzə identifikasiya nömrəsindən yox, köhnə identifikasiya nömrələrindən istifadə edilməsi daha yaxşı olar.
III fəslin 14.1-ci maddəsində məsuliyyət məsələsi var. Orada deyilir ki, uyğun olaraq məsuliyyət daşıyırlar. Bu məsuliyyətin nədən ibarət olmasına bir balaca aydınlıq gətirilsə, yaxşı olar. Qısa olaraq bir də onu bildirmək istəyirəm ki, Valeh müəllim, bizim mübahisə etdiyimiz sənəddə beş yerdə 3 Qafqaz respublikasının birgə əməkdaşlığından söhbət gedir. Əgər siz 2,5 milyon avro...
Sədrlik edən. Cəmil müəllim, o məsələ həll olundu, səsə qoyuldu, qəbul olundu. Kifayətdir, çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əhalinin dövlət reyestri haqqında qanun strateji əhəmiyyət daşıyır, ona görə də bunun çox böyük əhəmiyyəti var. Birinci, qanunun adı ilə əlaqədar fikrimi bildirmək istərdim. Yadınıza gəlirsə, “Statistika haqqında” Qanunu qəbul eləyəndə “dövlət statistikası” ifadəsi ilə bağlı çoxlu mübahisələr oldu. Mənə elə gəlir ki, bu qanun da onunla eynidir, ona görə də istərdim, bu qanunun adı da “Əhalinin reyestri haqqında” Qanun kimi getsin.
Digər tərəfdən, ümumiyyətlə, reyestrin qorunması ciddi məsələdir, çünki reyestrin qorunması konkret bu, qanunda öz əksini tapmalıdır. Layihənin 6.1.12-ci maddəsinin mötərizədə verilmiş hissəsindən “şəxsiyyət vəsiqəsi” ifadəsi çıxarılmalıdır. “Nömrəli” sözü “nömrəsi” sözü ilə əvəz edilməlidir. Çünki 16 yaşına çatmamış şəxsin şəxsiyyət vəsiqəsi olmur.
Bu qanun bilavasitə əhali ilə bağlı olduğu üçün əlavə məlumatlar daxil olduqca vaxtlı-vaxtında təzələmək lazımdır. Ona görə də 12.1-ci maddədə “məlumatların” sözündən sonra mütləq “vaxtında təzələnməsi” sözlərinin əlavə edilməsini və onun aşağıdakı redaksiyada verilməsini təklif edirəm: “Dövlət reyestrinin formalaşdırılmasına, aparılmasına, istifadə edilməsinə, məlumatların vaxtında təzələnməsinə və mühafizəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir”.
Bütün bunlarla yanaşı, qanun layihəsinin 12-ci maddəsinə aydınlıq gətirilməlidir ki, informasiyanın toplanmasına makro və mikro nəzarəti konkret olaraq hansı müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcəkdir.
Qanun layihəsinin 13-cü maddəsində göstərilib ki, dövlət reyestri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, sözügedən qanunun reallaşmasının texnologiyası və mərhələləri maliyyə təminatının bölünməsinə zərurət yaradacaqdır.
Bir də, qanun layihəsində bir sıra statistik xarakterli çatışmazlıq var. Burada həm “informasiya”, həm də “məlumat” sözlərindən istifadə edilir. Bu sözlər adətən sinonim kimi işlədilir. Lakin istənilən məlumatı informasiya kimi qəbul etmək olmaz. Ona görə də qanun layihəsində bu iki məfhumun yerində işlədilməsinə çox böyük ehtiyac var. Ümumiyyətlə, qanun layihəsinin qəbul edilməsinin tərəfdarıyam və həmkarlarımı ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, bir məsələni qeyd etmək istəyirəm. Siz 12-ci maddədə məlumatların təzələnməsi ilə bağlı fikir söylədiniz. Mən diqqətinizə çatdırmaq istəyirəm ki, 9-cu maddədə bununla əlaqədar göstəriş var: “Dövlət reyestrində olan hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda identifikasiya nömrəsi göstərilməklə bu dəyişikliklərin dövlət reyestrinə daxil edilməsi üçün göndərilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən bu qanunun 7.5-ci maddəsində müəyyən edilmiş qaydada təmin olunmalıdır”. Yəni bununla əlaqədar layihədə göstəriş var. Rauf Əliyev.
R. Əliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Dövlət reyestri haqqında qanun layihəsi çox vacibdir. Rəbiyyət xanım bu qanunla əlaqədar ətraflı məlumat verdi, lakin mənim bir təklifim var. Layihənin 6.1.14-cü maddəsində biometrik məlumatların reyestrə daxil edilməsi göstərilir. Lakin biometrik məlumatlara hansı məlumatların daxil edilməsi göstərilmir. Ona görə mən təklif edirəm ki, hansı məlumatların biometrik məlumatlara aid edilməsi qanunda dəqiq göstərilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Qanunun qəbul edilməsinin zəruriliyi barədə danışmağa ehtiyac görmürəm. Çünki bu qanunu birinci oxunuşda qəbul eləmişik və qanunun qəbul edilməsinə Azərbaycanın ictimai həyatında böyük ehtiyac vardır. Bəzi məsələlər birinci oxunuşda səsləndirilsə də, düzəlişlər edilməmişdir. Qeyd etməliyəm ki, deyilənlərin əksəriyyəti nəzərə alınıb.
Birinci oxunuşda qanunun quruluşu barədə fikir səslənmişdi. Ziyafət müəllim, biz qanunvericiliyi, hər hansı bir qanunun özündən əvvəlki bazasını “Əsas anlayışlar”dan əvvəl yazırıq. Ən çox hallarda “Əsas anlayışlar”dan sonra yazırıq. Biz onu qanunun məqsədindən və ya bir neçə maddədən sonra vermirik. Mən təklif edirəm ki, “Dövlət reyestri haqqında qanunvericilik” maddəsinin yeri dəyişdirilsin və o, 3-cü maddə olsun. Mənə elə gəlir ki, bu, daha düzgün olardı. Hətta onu 1-ci maddə kimi də vermək olardı.
Sonra, qanunda çoxlu redaktə səhvləri var, onlar düzəldilməlidir. Ziyafət müəllim, əgər bunu maddə-maddə müzakirə eləmiriksə, onda bir-iki dəqiqə ərzində bütün maddələrə olan iradlarımı deyim.
Sədrlik edən. İkinci oxunuşdur, maddə-maddə müzakirə edirik. Qanun həcmcə kiçik olduğuna görə biz qərara gəldik ki, bütün maddələri bir yerdə müzakirə eləyək.
X. Kazımlı. Misal üçün, mən “Ümumi müddəalar”da gedən “formalaşdırılması, aparılması, istifadəsi” sözlərinə toxunmaq istəyirəm. Mən hesab edirəm ki, “aparılması” və “formalaşdırılması” məfhumlarının yeri dəyişdirilməlidir.
Sonra, 1.0.1-ci maddədə belə bir ifadə var: “informasiya ehtiyatı”. Mən bunu oxuyaraq vaxtınızı almaq istəmirəm, ümumiyyətlə, “dövlət informasiya ehtiyatı” sözü burada düz gəlmir. Ola bilər, “bazası” deyilsin, bəzi yerlərdə də “resurs” sözü işlədirik.
Sonra, 2.1.1-ci maddədə yazılır: “Əhalinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi...”. “Miqrasiyanın dairəsi” nə deməkdir? Bəlkə əhatəsi demək istəyirik? Sonra belə gedir. “...və istiqaməti, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları təzələmək”. “Təzələmək” - bəlkə yeniləşdirməkdən söhbət gedir?
Sonra, 2.1.3-cü maddədə belə yazılır: “Əhalinin müxtəlif kateqoriyalar üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəsini artırmaq”. Səmərə faizi nə qədərdir ki, biz də onu artıracağıq. Bəlkə “səmərəliyini təmin etmək” yazaq.
Sonra, 6.1.15-ci maddədə yazılır ki, ərin (arvadın) adı, soyadı, atasının adı, doğulduğu tarix və ilaxır. Bununla işim yoxdur, bu, mötərizədə o zaman yazılar ki, ikisi eyni şey olsun. Axı ər ayrı şeydir, arvad ayrı. Olmaz ki, “ər və arvadın”yazaq?
Sədrlik edən. Xanhüseyn müəllim, Ailə Məcəlləsində elə gedir. Bu, qəbul olunub, bunu müzakirə eləməyə ehtiyac yoxdur.
X. Kazımlı. Ziyafət müəllim, deyirik ki, filan məcəllədə belə gedir. 10 ildən sonra biz bunu dəyişdirəndə minlərlə termini dəyişdirməli olacağıq. Niyə “ər və arvad” yazmırıq, niyə vergül yazmırıq? Axı bunlar ayrı-ayrı cinslərdir.
Sədrlik edən. Elə ona görə də mötərizədə vermişik.
X. Kazımlı. Bilmirəm, bəzi adamlar buna necə yanaşırlar, amma mənə elə gəlir, elə də olar, belə də olar.
Sədrlik edən. Sizin vaxtınız sona çatdı, Xanhüseyn müəllim. Siz 7 dəqiqə danışdınız. Buyurun, yekunlaşdırın.
X. Kazımlı. Xahiş edirəm, 10.6-cı maddəyə baxın: “Şəxsin müraciəti əsasında ona dövlət reyestrindən çıxarış təqdim oluna bilər”. Ola da bilər, olmaya da. Biz qanun dilində qəbul eləmişdik. Doğrudan da, qanunda qəbul elədiyimizə istinad ediriksə, gəlin, buna da eləyək. Mənim bir sıra fikirlərim vardır.
Sədrlik edən. İstəmirəm, bu məsələni uzadaq. Mən hesab edirəm ki, qanunda belə də yazılmalıdır. Niyə? “Oluna bilər” ona görə yazılıb ki, bu, şəxsə verilən məlumatın xarakterindən asılı olacaq. Yəni şəxsə hansı məlumatı vermək olar, hansını vermək olmaz. Ona görə də bu cür yazılıb, alternativ qayda müəyyən olunub. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Hörmətli sədarət, hörmətli deputatlar! Komissiya sədrləri keçən və bugünkü iclaslarda qanun haqqında müfəssəl məlumatlar və izahatlar verərək qanunun mahiyyətini tam açıqladılar. Qanunun əhəmiyyəti ondan ibarətdir ki, vətəndaşlar, o cümlədən ölkədə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər haqqında tam məlumat almaq mümkün olsun. Bu məlumatlardan fiziki şəxslər və dövlət strukturları istifadə etməklə cəmiyyətin idarə edilməsi və inkişafını düzgün istiqamətləndirmək imkanına malik olurlar. Dövlət reyestrinin müasir informasiya texnologiyaları vasitəsi ilə formalaşdırılması, istifadəsi ölkəmizin inkişaf etmiş dünya ölkələri sırasına qatılmasına imkan verir və qanunun işləməsinə münbit şərait yaradır. Qanunun qəbul olunmasına tərəfdaram və lehinə səs verəcəyəm.
Xahiş edirəm, komissiya aşağıdakı təkliflərimi nəzərə alsın. 1.0.1-ci maddədə “informasiya ehtiyatı” sözlərinin “informasiya bankı” sözləri ilə əvəzlənməsi daha düzgün olardı.
Maddə 3-də göstərilən normativ hüquqi aktların siyahısına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu da əlavə edilsə, daha yaxşı olardı.
4.1-ci maddədə “informasiya” sözü “xüsusi informasiya” ifadəsi ilə əvəz edilərsə, daha düzgün olar. 4.2-ci maddədə “informasiya fəzasında” sözlərinin “informasiya məkanında” sözləri ilə, “informasiya ehtiyatları” ifadəsinin isə “informasiya bankları” sözləri ilə əvəzlənməsini düzgün hesab edirəm.
6.1-ci maddədəki məlumatlar siyahısına təhsili, peşəsi və ya məşğuliyyət növü əlavə edilərsə, informasiya daha dolğun olar.
12.2-ci maddədə “sənədlərlə” sözünün “ilkin sənədlərlə”, 14.1-ci maddədə isə “informasiya resurslarına” sözlərinin “informasiya bankına” ifadəsi ilə əvəz edilməsini təklif edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm. Sadəcə, təkliflərimi demək və suallarımı vermək istəyirəm. Hesab edirəm ki, qanun layihəsi ikinci oxunuş üçün mükəmməl hazırlanıb, qarşıya qoyulan məqsədlərin hamısı yerinə yetirilib. Amma mən suallarıma cavab istəyərdim.
Birincisi, burada “Ümumi müddəalar”da bildirilir ki, əhalinin dövlət reyestri müasir informasiya texnologiyaları vasitəsi ilə aparılır. Mənim üçün aydın deyil ki, dövlət reyestri bu qanunun qəbulundan sonra aparılacaq, yoxsa bu, indiyə qədər aparılan reyestrin, sadəcə olaraq, müasir texnologiyalar əsasında aparılmasıdır. Bu belədirsə, mən sual edirəm, indiyə qədər əhali barəsində olan informasiya həmin sistemdə öz əksini tapacaq, ya yox? Mən istərdim, bu, qanunda əksini tapsın və açıqlığı ilə bilinsin.
İkinci, 1.0.4-cü maddədə bildirilir ki, reyestrin istifadəçiləri kimlərdir. Mən bilmək istəyirəm, birdən elə bir situasiya yarandı ki, digər ölkəyə, yaxud digər ölkə vətəndaşına bu barədə məlumat verilməli oldu. Həmin məlumat verilərsə, burada qanunda göstərilməyib ki, qadağandır. Bu verilərsə, həmin məsələ hansı formada öz əksini tapacaq? Çox istərdim ki, bu formada öz əksini tapsın, yaxud bildirilsin ki, belə hal baş verərsə, bunun qaydası müvafiq icra orqanı tərəfindən müəyyənləşdirilir.
Üçüncü, mən təklif edirəm ki, 6-cı maddədə verilən məlumatlar sırasına vətəndaşın təhsili də əlavə edilsin. Belə çıxır ki, bura bioloji informasiya daxil edilir, amma vətəndaşın təhsili barədə heç bir məlumat verilmir. Əgər müvafiq orqanlara vətəndaşın, yaxud hansısa bir vətəndaşa onun yaxın qohumunun təhsili barədə 50 ildən sonra informasiya lazım ola bilərsə, çox təəssüf ki, bu, sadaladığımız sırada olmadığına görə çətinlik çəkərlər. Ona görə təhsilin bura əlavə edilməsini təklif edirəm.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Hamınıza təşəkkür edirəm. Qanun layihəsi Azərbaycanın bu günü üçün çox aktual bir sənəddir. Azərbaycan bu gün inkişafın elə mərhələsindədir ki, bu cür qanunların olması olduqca vacibdir. Mən hesab edirəm ki, bu cəhətdən, məhsuldar müzakirə keçdi. Mən istəyirəm, Rəbiyyət xanıma söz verim, burada müəyyən fikirlər, təkliflər səsləndi, ona münasibətini bildirsin. Buyurun.
R. Aslanova. Sağ olun. Mən bütün həmkarlarıma dedikləri rəy və tövsiyələrə görə öz dərin minnətdarlığımı bildirirəm. Amma bəzi cəhətlər var ki, ona münasibətimi bildirməliyəm. Qanun layihəsində bunlar öz əksini tapıb, ancaq görünür, vaxt məhdudiyyətindən mən onları yaxşı izah eləmədiyim üçün qaranlıq məqamlar ortaya çıxır.
İlk növbədə, Əli Məsimova qanun layihəsinə dair verdiyi təkliflərə görə minnətdarlıq edirəm. Hesab edirəm ki, Əli Məsimov öz irad və təkliflərini yazılı surətdə komissiyaya versə, işimizə kömək etmiş olardı.
Cəmil Həsənli adların düzgün oxunması haqqında fikir irəli sürdü. Məsələ burasındadır ki, kiril əlifbası olsa idi, belə təkliflər ola bilərdi. Ancaq indi şəxsiyyət vəsiqəsinin hər biri latın qrafikası ilə yazılır və olduğu kimi də oxunuşu verilir. Yəni burada heç bir təhrif yoxdur. Biz bununla maraqlandıq, necə var, o cür də yazılır. Kirildə belə təhrif olur, amma latın qrafikasında elə bir təhriflər olunmur.
Sonra, hörmətli Vahid müəllim “dövlət reyestri” yox, “əhali reyestri” adlandırılmasını təklif etdi. Məsələ burasındadır ki, reyestrlərin sayı çoxdur. Bayaq mən dedim ki, bir sıra nazirliklərdə belə reyestr mövcuddur və əhali haqqında kifayət qədər məlumatlar var. İndi isə vahid dövlət reyestri yaradılır, ona görə də burada “dövlət” ifadəsinin olması vacibdir. Bu vahid və fərqli bir reyestrdir.
Məlumatların təzələnməsi haqqında da məsələ qaldırıldı. Məsələ burasındadır ki, vahid reyestrə məlumatlar ayrı-ayrı bazalardan ötürülür. Həmin bazalarda yeni bir məlumat əldə olunan kimi, dövlət reyestrinə ötürülür. Burada şəxsin özünün iştirakı olmadan onun haqqında məlumat birbaşa ötürülür və bu da ayrı-ayrı banklarda olan dəyişikliklərlə əlaqədardır. Yaxud da dövlət reyestrində həmin şəxs haqqında bir məlumat dəyişirsə, təzələnirsə, o digər orqanlara ötürülür.
Sonra, hörmətli Rauf müəllimin biometrik məlumatlarla əlaqədar fikri səsləndi. Hörmətli Rauf müəllim, bayaq çıxışımda demişdim, bir də təkrar edirəm, Azərbaycan Respublikası Prezidentinin respublikada Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət komissiyası və Dövlət proqramının hazırlanması haqqında sərəncamı var və bunlar artıq müəyyənləşdiriləcəkdir. Hətta deyərdim ki, bunlar iki, üç, dörd yox, daha çox biometrik məlumatlar olacaq. Onlar verildikdən sonra bununla əlaqədar fikrimizi sizə bildirəcəyik. Üçüncü oxunuşa qədər bu siyahı veriləcək.
Xahhüseyn müəllimin maddələrin yerinin dəyişdirilməsi ilə bağlı təklifi qəbul olunan bir məqamdır. O həm də burada redaktə səhvlərinin olmasını qeyd etdi. Çalışarıq ki, üçüncü oxunuşa qədər redaktə səhvlərini aradan qaldıraq.
Sədrlik edən. Xüsusilə ər-arvad məsələsinə fikir verin.
R. Aslanova. Sözünü qəribçiliyə salmayın, o, düz dedi. Məsələ burasındadır ki, “ər” ayrı yazılıb, “arvad” mötərizədə. Əlbəttə, bu mötərizə məsələsi yaxşı səslənmir.
Sədrlik edən. Gender qanununun müzakirəsi gedir, ona görə də “qadın”ı mötərizədən xilas eləyin.
R. Aslanova. “Qadın”ı mötərizəyə salmaq olmaz. Vidadi müəllimin çıxışında “informasiya fəzasının” “məkanla” əvəz olunması təklif edildi, mən şəxsən, “fəza” ifadəsinin tərəfdarıyam. “Fəza” qeyri-məhduddur, genişdir, “məkan” məhdud çərçivədədir. Ona görə də məhz “fəza”dan istifadə etmək lazımdır.
Aydın müəllim sual verdi ki, əvvəl belə bir reyestr var idimi? Aydın müəllim, bu reyestr birinci dəfədir yaranır. Siz dediniz ki, başqa bir ölkənin vətəndaşı təsadüfən məlumat almaq istəsə, bu necə olacaq. Başqa ölkənin vətəndaşı necə məlumat almaq istəyə bilər ki, burada Azərbaycan vətəndaşı haqqında məlumatdan söhbət gedir. Yəni hər kəs özü haqqında məlumat ala bilər. O başqa ölkənin vətəndaşıdır, onun da ölkəsində buna bənzər reyestr var. Qanun layihəsində bütün müddəalar öz əksini tapıb, amma mənim günahımdır ki, mən bunu düzgün təqdim eləyə bilmədim.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım, təşəkkür edirəm. Hesab edirəm ki, çıxış etmək istəyən deputat həmkarlarımın hamısına imkan yaradıldı, danışdılar, fikirlərini söylədilər. Yəqin ki, Rəbiyyət xanım qanun layihəsini üçüncü oxunuşa hazırlayanda deyilən fikirləri də nəzərə alacaq.
Hörmətli deputatlar, qanun layihəsi həcmcə kiçik olduğundan biz onu bütövlükdə müzakirə elədik. Qanun layihəsi 3 fəsildən ibarətdir. Daxili Nizamnamənin tələblərinə uyğun olaraq biz qanun layihəsini fəsil-fəsil səsə qoymalıyıq. Ona görə xahiş edirəm, I fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, II fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, III fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 2
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda bütövlükdə qəbul olunmasına səs verəsiniz.

Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımızı yekunlaşdırırıq. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU