10.11.2009 - tarixli iclasın stenoqramı
MİLLİ MƏCLİSİN İCLASI
10 noyabr 2009-cu il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin S ədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, xanımlar və cənablar!
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.13 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi.
Hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını təmin edəcək strategiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Azərbaycanın sosial-iqtisadi inkişafı onun makroiqtisadi göstəricilərində hərtərəfli təzahürünü tapır. Son dövrdə dünya iqtisadiyyatında və maliyyə bazarlarında yaranmış böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını, mənfi proseslərə müqavimət qabiliyyətini qoruyub saxlaya bilmişdir.
Cari ilin 9 ayının iqtisadi göstəriciləri bunu əyani surətdə təsdiqləyir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalının həcmi 6 faizdən yüksək olmuşdur. Bu, dünya ölkələri arasında ən yüksək göstəricilərdən biri, MDB məkanında isə birincidir. Xüsusi qeyd etməliyəm ki, ümumi daxili məhsulun 85 faizi özəl bölmədə istehsal olunmuşdur. Çox xoş haldır ki, Azərbaycanın tarixində ilk dəfə olaraq strateji valyuta ehtiyatlarımız 19 milyard ABŞ dollarını keçmişdir.
Hörmətli müzakirə iştirakçıları, 2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilmişdir.
Qeyd edilməlidir ki, növbəti ilin büdcə zərfi 2008-ci ildən dünya iqtisadiyyatında başlanan böhranın fəsadları nəzərə alınmaqla tərtib olunmuşdur. Neftin qiyməti dövrün reallıqları, enerji resursları bazarlarında gözlənilən dəyişikliklər əsas götürülməklə hesablanmışdır.
Son dövrlərdə Azərbaycan hökuməti büdcə xərclərini başlıca olaraq iki-üç istiqamətdə cəmləşdirir. Bu mənada 2010-cu ilin büdcəsi də sosial yönümlü, investisiya tutumlu və müdafiə xarakterlidir. Göstərilən istiqamətlərdən yalnız birinə üstünlük verilərsə, cəmiyyətdə formalaşmış sosial-iqtisadi tarazlıq pozula bilər.
Hörmətli millət vəkilləri, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq 2010-cu ilin büdcə zərfi parlamentin bütün komitələrində və Aparatın müvafiq şöbələrində Hesablama Palatasının rəyləri nəzərə alınmaqla müzakirə olunmuş, bugünkü plenar iclasa çıxarılmışdır. Hesab edirəm ki, plenar iclaslarda aparacağımız müzakirələr səmərəli olacaq, burada biz millət vəkillərinin dəyərli təkliflərini dinləyəcəyik. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.
Hörmətli deputatlar, təklif edirəm ki, iclasımızı belə quraq: ilk növbədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış etsin, maliyyə və iqtisadi inkişaf nazirlərinin, Mərkəzi Bankın İdarə Heyətinin və Hesablama Palatasının sədrlərinin çıxışlarına qulaq asaq, sonra müzakirələrə başlayaq. Başqa təklif yoxdur? Reqlament qanuna uyğun olaraq 10 dəqiqədir.
Söz verilir İqtisadi siyasət komitəsinin sədri hörmətli Ziyad Səmədzadəyə. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hökumət üzvləri, hörmətli millət vəkilləri! Azərbaycan XX əsrin son on illiyinin əvvəllərində ciddi sarsıntılara məruz qalsa da, XXI əsrə bazar münasibətləri əsasında inkişaf edən, sivil, demokratik cəmiyyət quran müstəqil dövlət kimi daxil olmuş və bu əsrin birinci onilliyini uğurla başa vurmaqdadır. Razılıq hissi ilə qeyd edilməlidir ki, son illərdə Azərbaycan iqtisadiyyatında perspektiv üçün böyük nəticələri olacaq müsbət meyillər güclənmiş, keyfiyyətli inkişaf imkanlarının reallaşması ilə bağlı effektli tədbirlərin reallaşması işi yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan artıq bir neçə ildir ki, ümumi daxili məhsul artımına görə dünyada ən nüfuzlu yerlərdən birini tutur ki, bu da bilavasitə Azərbaycan dövləti, onun başçısı İlham Əliyevin milli mənafeləri qorumaq, milli iqtisadiyyatı inkişaf etdirməyə yönəldilmiş uğurlu siyasətinin yerinə yetirilməsinin məntiqi nəticəsidir.
Ölkə başçısı deyir: “Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz, əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır”. Bu gün Azərbaycan düşünülmüş və gələcəyə hədəflənmiş inkişaf strategiyasına malikdir. Bu strategiyanın ana xəttini keyfiyyətli və dayanıqlı inkişaf təşkil edir. Azərbaycan hökuməti məhz bu strateji prinsipləri əsas tutaraq 2010-cu ilin dövlət büdcəsinin layihəsini hazırlamış və Milli Məclisin müzakirəsinə təqdim etmişdir.
Məlumat üçün bildirmək istəyirəm ki, qanun layihəsi Milli Məclisin komitələrində geniş müzakirə edilmiş, millət vəkillərinə müvafiq məlumatlar və izahatlar verilmişdir. İqtisadi siyasət komitəsi büdcə gəlirlərinin formalaşmasına dair Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə ətraflı araşdırmalar, fikir mübadiləsi aparmışdır. Komitələrin iclaslarında millət vəkilləri təqdim edilmiş qanun layihəsinin metodoloji əsaslarının ildən-ilə təkmilləşdiyini qeyd etmişlər. Aparılan təhlillər nəticəsində aydın olmuşdur ki, büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun müddəalarına müvafiq olaraq hazırlanmışdır. İcazə verin, bu mühüm sənədin yüksək səviyyədə hazırlanmasına görə İqtisadi siyasət komitəsi və bütün komitələr adından Azərbaycan hökumətinə, onun iqtisadi qurumlarına dərin minnətdarlığımı bildirim.
Təbii ki, 2010-cu ilin büdcə layihəsi hazırlanarkən əvvəlki illərdən fərqli olaraq bir sıra amillərin təsiri daha ciddi şəkildə nəzərə alınmışdır. Söhbət ilk növbədə dünyada baş verən maliyyə böhranı və onun nəticələrindən gedir. Bu barədə hər birinizin kifayət qədər məlumatınız var. Azərbaycan hökuməti bu reallığı nəzərə alıb və ona görə də baş verə biləcək risklərin təsirini azaltmaq üçün büdcə layihəsinin tərtibinə təmkinlə yanaşıb, ölkənin kifayət qədər valyuta ehtiyatları olmasına baxmayaraq, xərclərin bütövlükdə artmasını yox, daha səmərəli istifadəsini ön plana çəkib. Bizim apardığımız araşdırmalar göstərir ki, bir çox ölkələrdə büdcə gəlirləri və xərclərinin azalması daha sürətlə gedir. 2010-cu ilin dövlət büdcəsi 2003-cü ilin büdcəsindən 10 dəfəyə yaxın çoxdur. Nə Avropada, nə Amerikada, nə də Asiyada belə bir dinamika var.
Hökumət asan yol da seçə bilərdi. Büdcədə neftin qiymətini 45 deyil, daha yüksək götürə bilərdi. Amma hökumət dünya iqtisadiyyatında, neft bazarında baş verə biləcək risklərdən qorunmaq, iqtisadi, sosial həyatda uğursuzluqlar yaratmamaq üçün tamamilə düzgün istiqamət götürmüşdür. Kim deyə bilərdi ki, cəmi bir neçə ayın ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşəcək. Büdcənin tərtibi zamanı real amillərin obyektiv qiymətləndirilməsi hökuməti büdcə xərclərinin strukturunun təkmilləşməsi üçün daha konkret tədbirlər görməyə səfərbər etmişdir. İlk növbədə investisiya layihələri aktuallığına görə bir daha nəzərdən keçirilmiş, həlli bu gün üçün taleyüklü əhəmiyyət kəsb etməyən layihələrin gələcəkdə baxılması məqsədəuyğun sayılmışdır.
Bu gün dünyanın bir çox ölkələrində, hətta inkişaf etmiş ölkələrdə belə mühafizəkar büdcələr tərtib olunur. Buna səbəb, əlbəttə ki, dünya maliyyə-iqtisadi böhranıdır. Dünyanın aparıcı ekspertlərinin böhranın qurtardığı barədə verdikləri proqnozlara baxmayaraq, hökumətlər bu məsələdə ehtiyatlı davranmağa üstünlük verirlər.
2009-cu ilə nisbətən gəlirlərin 2 milyard 25 milyon manat və ya 16,8 faiz, xərclərin isə 1 milyard 91 milyon manat azalması nəzərdə tutulur. Sizə təqdim edilən materiallarda, eləcə də Hesablama Palatasının çox ətraflı rəyində belə bir dinamikanın səbəbləri açıqlanır. Müqayisəli təhlillər sübut edir ki, bu azalma Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əngələ çevrilməyəcək. Azərbaycan 2010-cu ildə də dünyada daha sürətlə inkişaf edən çox az ölkələrdən biri olacaqdır.
İqtisadi siyasət komitəsi və digər komitələr çox müsbət bir hal kimi onu vurğulamağı vacib sayırlar ki, son illərdə büdcənin dövlətin normal fəaliyyətində rolunun artması meyili daha da güclənmişdir. Buna dair mən bir neçə faktı qeyd etmək istəyirəm. 2010-cu ilin büdcə layihəsinə görə ümumi daxili məhsulda büdcə gəlirləri 31,5 faiz, büdcə xərcləri isə 35,4 faiz təşkil edəcəkdir. Bu, dövlətin, cəmiyyətin inkişafında, vətəndaş cəmiyyətinin qurulmasında rolunun artması, dövlətin öz vacib funksiyalarını yerinə yetirmək imkanlarının genişlənməsindən xəbər verir.
Növbəti ilin büdcə layihəsinin prinsipial fərqli cəhətlərindən biri də xərclərin məqsədli proqramlar, adambaşına maliyyələşdirilmə prinsipləri əsasında proqnozlaşdırılmasına üstünlük verilməsidir ki, bu da sosial-iqtisadi inkişafa dair hədəflərin yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verəcək. Gələn il üçün dövlət büdcəsi xərclərinin 39 faizi məqsədli proqramların və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə nəzərdə tutulmuşdur. Etiraf edək ki, bu yaxşı göstəricidir. Təbii ki, büdcənin tərtibində belə yanaşma gələcəkdə öz bəhrəsini verəcəkdir.
2009–2010-cu illərdə büdcə gəlirlərinin təhlilindən doğan nəticələr barədə aşağıdakıları qeyd etmək istərdik. Azərbaycanda bu gün Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin səmərəli fəaliyyətinə görə ölkədə maliyyə çətinlikləri hiss olunmur. 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 2,6 milyard manat vəsait daxil olmuşdur ki, bu da ümumi daxili məhsulun 11,0 faizini, ümumi büdcə gəlirlərinin 35,5 faizini təşkil edir. 2009-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə büdcəyə 1,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 0,7 faiz çoxdur. Nəticədə qeyri-neft sektorunun vergi daxilolmalarının sektor üzrə ümumi daxili məhsulda xüsusi çəkisi 2008-ci ildəki 15,6 faizdən 2009-cu ilin yanvar-sentyabr ayları üzrə 16,1 faizə yüksəlmişdir.
Sahibkarlığa başlama üçün sərf edilən müddət, prosedurların və sənəd sayının azaldılması ilə beynəlxalq aləmdə böyük rezonansa səbəb olmuş “bir pəncərə” sistemi üzrə 34 mindən çox sahibkar dövlət qeydiyyatına alınmış, elektron bəyannamə sistemi tətbiq edən 170 minə yaxın vergi ödəyicisi 1,5 milyondan çox elektron bəyannamə təqdim etmişdir.
Sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılması, onlara təqdim edilən vergi xidmətlərinin səmərəliliyinin artırılması, qanunvericiliklə bağlı meydana çıxan məsələlərin həlli və onların qanunvericilikdə baş verən dəyişikliklərlə vaxtında və ətraflı tanış edilməsi sahəsində görülən işlər davam etdirilmişdir.
2010-cu ilin dövlət büdcəsinin layihəsində büdcə gəlirlərinin 10 milyard 15 milyon manat olması, bu mədaxil proqnozunun 3 milyard 980 milyon manat və ya 39,7 faizinin Vergilər Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuşdur.
2010-cu ilin dövlət büdcəsinin layihəsinə hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolma dövlət büdcəsi gəlirlərinin 10,9 faizini təşkil etməklə 1 milyard 96 milyon manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2009-cu ilin təyinatına nisbətən 50,5 faiz azdır.
Bu vergi üzrə daxilolma proqnozunun az müəyyən edilməsi, əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında saziş üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə proqnozunun 2009-cu ilə nisbətən 900,0 milyon manat azalması ilə bağlıdır.
Eyni zamanda, 2010-cu il üçün xam neftin ixrac qiymətinin 45 ABŞ dolları səviyyəsində götürülməsinin respublikanın neft sektoru üzrə vergi ödəyicilərinin mənfəətinin həcminə təsir edəcəyi də nəzərə alınmışdır.
Qeyri-neft sektoru üzrə 2 milyard 450 milyon manat büdcə proqnozu tapşırığı müəyyən edilmişdir ki, bu da 2009-cu il üzrə gözlənilən daxilolma məbləğindən 8,2 faiz çoxdur, yəni sektor üzrə proqnozlaşdırılan 4,9 faiz ümumi daxili məhsul artımını 1,7 dəfə qabaqlayır.
Mən bu rəqəmləri göstərməklə qeyd etmək istəyirəm ki, Vergilər Nazirliyi üzrə müəyyən edilmiş proqnozlar, həqiqətən, ciddidir, gərgindir, ancaq ölkədə yaranmış əlverişli investisiya mühiti, sahibkarlıq mühiti bu proqnozların yerinə yetirilməsi üçün əsas yaradır.
2010-cu ilin dövlət büdcəsi layihəsində Dövlət Gömrük Komitəsi üçün 1 milyard 100 milyon manat illik büdcə proqnozu müəyyənləşdirilmişdir ki, bu da cari illə müqayisədə 15,4 faiz və yaxud 200 milyon manat azdır. Bu onunla əlaqədardır ki, dünyada baş verən maliyyə-iqtisadi böhranı ölkə ərazisinə gətirilən idxal mallarının azalmasına öz təsirini göstərmişdir. Statistik göstəricilərə əsasən, 2009-cu ilin ilk 9 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən 132 ölkə ilə aparılmış ticarət əməliyyatlarının cəmi 14 milyard 355 milyon ABŞ dolları təşkil edərək 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz azalmışdır. 9 aylıq büdcə proqnozu 90,1 faiz, ilin 10 aylıq büdcə proqnozu 89,7 faiz yerinə yetirilmişdir.
İqtisadi siyasət komitəsi və digər komitələr hesab edirlər ki, yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzimlənməsi davam etdirilməlidir. İclaslarda bu da vurğulandı ki, malların idxalı zamanı xammal və investisiya yönümlü mallara daha əlverişli şəraitin yaradılması və idxal mallarının milli istehsalçılara mənfi təsirinin azalması gömrük siyasətinin ən vacib istiqamətlərindən biri kimi ön plana çəkilməlidir.
Əvvəlki illərlə müqayisədə 2010-cu ildə büdcə xərclərinin strukturunda müəyyən dəyişikliklər baş verəcək. Büdcədə cari xərclərin artması meyili özünü göstərir və bu da onlardan səmərəli istifadə edilməsini ön plana çəkir. 2005–2009-cu illərdə cari xərclərin artımının 80 faizi müdafiə olunan xərclərin payına düşmüşdür ki, bu da qloballaşma şəraitində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması imkanlarını xeyli genişləndirmişdir.
Hesablama Palatası haqlı olaraq rəyində qeyd edir ki, başa çatdırılmamış tikintilər, onların başa çatdırılma müddətləri, dəyəri və maliyyələşmə mənbələri barədə müfəssəl məlumatların öz əksini tapdığı hesabatların da büdcə zərfinə daxil edilməsi zəruridir. Bu barədə biz Maliyyə Nazirliyi ilə müəyyən məsləhətləşmələr aparırıq. Əminəm ki, biz burada da ümumi məxrəcə gələcəyik.
Təhlil onu da göstərir ki, təhsil və səhiyyəyə ayrılan xərclərin həm dinamikası, həm də strukturunda keyfiyyət dəyişiklikləri baş verəcəkdir. 2010-cu ildə təhsil və səhiyyə xərcləri üçün ayrılan vəsait dövlət büdcəsinin 15,6 faizini, ümumi daxili məhsulda isə 5,5 faizini təşkil edəcək.
Təhsil xərclərinin 2009-cu il proqnoz göstəriciləri ilə müqayisədə 9,6 faiz azalmasının səbəbi respublikanın natamam və orta təhsil məktəblərində tədris planı üzrə dərs saatlarının və ştatlarının sayının azalmasıdır. Növbəti ildə bir şagirdə düşən xərc 500 manat, bir tələbəyə düşən xərc isə 1250 manat təşkil edəcəkdir.
Diqqəti cəlb edən məsələlərdən biri də texniki peşə məktəbi və liseylər üzrə proqnozlaşdırılan xərclərin artmasına müsbət münasibət bəslənməsidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir, diversifikasiya olunur, yeni sahələr, yeni müəssisələr yaranır və bu inkişaf öz növəsində texniki peşə məktəblərinə, onların məzunlarına diqqəti, tələbi artırır.
2010-cu il dövlət büdcəsinin prinsipial, fərqli cəhətlərindən biri də ölkənin kənd yerlərində kadrların yerləşdirilməsi ilə əlaqədar olaraq dövlət büdcəsində əlavə vəsaitin nəzərdə tutulmasıdır. Bəziləri təklif edirlər ki, qısa zaman kəsiyində sosial yönümlü xərcləri dünya standartları səviyyəsinə qaldırmaq lazımdır. Bu fikirlər komitədə də ayrı-ayrı millət vəkilləri tərəfindən səsləndi. Bu, əlbəttə ki, yaxşı arzudur. Amma gəlin reallığı nəzərə alaq. Bir-iki ildə ümumi daxili məhsulda təhsil və səhiyyə xərclərinin xüsusi çəkisini 10–12 faizə kimi artırmaq olardı. Bu 3,5–4 milyon manat vəsait deməkdir. Bu cür addım nəinki büdcədə, bütövlükdə iqtisadiyyatda maliyyə sabitliyində ciddi uyğunsuzluqlar yarada bilərdi.
Təhsilin inkişafı dövlət başçısının apardığı siyasətin ən prioritet istiqamətlərindəndir və 2010-cu ilin dövlət büdcəsi bu sahənin inkişafı üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində vacib bir addımdır.
Qloballaşma şəraitində müstəqilliyimizin, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması mədəniyyətin bir spesifik sahə kimi daha sürətlə keyfiyyətli inkişafını zəruri edir. Razılıq hissi ilə qeyd edilməlidir ki, Azərbaycan hökuməti son illər mədəniyyətin inkişafı üçün məqsədyönlü, sistemli tədbirlər həyata keçirir.
Müstəqil Azərbaycanın son illərdə büdcəsində baş verən ən mühüm keyfiyyət dəyişikliklərindən biri mədəniyyətə ayrılan vəsaitin müəyyən edilməsində qalıq prinsipindən tamamilə uzaqlaşmaq təşkil edir. Bu cür yanaşmanın özü milli- mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı üçün misilsiz xidmət deməkdir. 2003–2009-cu illərdə mədəniyyət sahəsinə ayrılan büdcə vəsaitləri 5,3 dəfə artmışdır. Belə bir meyil 2010-cu il üçün də özünü göstərəcəkdir. Büdcə layihəsinin komitələrdə müzakirəsi zamanı xüsusi olaraq vurğulandı ki, mədəniyyət, səhiyyə, təhsil xərclərini hesablayarkən buraya bütövlükdə respublika üzrə Heydər Əliyev Fondunun mədəniyyət, səhiyyə və təhsilə yönəltdiyi xərclərin də daxil edilməsi məqsədəuyğun olardı.
Qlobal maliyyə şəraitində milli valyutaların məzənnəsi və bankların xaricdən aldığı vəsaitlərin tələb edilməsi ilə bağlı təzyiqlərin artması problemi tam çılpaqlığı ilə üzə çıxardı. Azərbaycanın dövlət başçısı hökumətə, Mərkəzi Banka iqtisadi potensialımızı, ölkədə və xaricdə baş verən qlobal prosesləri obyektiv qiymətləndirməyi, manatın məzənnəsinə, inflyasiya problemlərinə diqqətlə yanaşmağı tövsiyə etdi ki, əhali sarsıntılar keçirməsin. Bu xüsusda dövlət başçısı deyir: “Çox sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Doqquz aydır inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. Müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm də milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir – iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir”.
Dövlət büdcəsinin layihəsi hazırlanarkən Maliyyə Nazirliyi digər qurumlarla birlikdə pul-kredit sistemində baş verən prosesləri bir daha ətraflı təhlil etmişdir. Bu təhlildən çıxarılan mühüm nəticə ondan ibarətdir ki, ölkənin maliyyə, pul-kredit sistemi əlaqəli şəkildə inkişaf edir və bu da büdcənin səmərəli icrası üçün əlverişli şərait yaradır. İldən-ilə dövlət büdcəsinin regionların sosial-iqtisadi inkişaf proqramına dəstəyi artır. Regionlarda nüfuzlu bankların filialları, şöbələri açılır. Bank kreditlərində regionların inkişafına yönəldilən vəsaitin artması özünü göstərir.
Dövlət başçısının təşəbbüsü ilə ölkə iqtisadiyyatının inkişafı, sosial proqramların həllində bank sektorunun rolunun artırılması məqsədi ilə Milli Məclis “Mərkəzi Bank haqqında” Qanuna dəyişikliklər etdi. Mərkəzi Banka sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədi ilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər ayırmaq hüququ verildi. Bu gün bir sıra böyük müəssisələrin, birliklərin çox ciddi maliyyə dəstəyinə ehtiyacları var. Mərkəzi Bank isə dövlət zəmanəti əsasında müəssisələri bu resurslarla təmin edə bilər.
Ölkə başçısının bilavasitə təşəbbüsü ilə “Əmanətlərin sığortalanması haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərə görə Sığorta Fondunun məbləği 6 mindən 30 min manata qaldırıldı. Heç şübhəsiz ki, dünyada tüğyan edən maliyyə böhranı şəraitində bu çox vacib qabaqlayıcı tədbirlərdən biridir. Maliyyələşdirmə ilə bağlı digər imtiyazlar da 2010-cu ildə real sektorun inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Dövlət büdcəsinin icrasına, sosial səmərəliliyinə ciddi təsir edən amillərdən biri inflyasiyadır. Layihədə onun 2010-cu ildə 3 faiz olacağı proqnozlaşdırılır. Əlbəttə, onun səviyyəsi barədə mübahisə etmək olar. Amma iqtisadi proseslərin gedişi, müəyyən gözləmələr rəqəmin reallığını qeyd etməyə əsas verir. Dünya iqtisadiyyatında baş verən hadisələr də sübut edir ki, dövlət tənzimlənməsi olmadan bir çox problemlərin həlli qat-qat çətindir. Etiraf edək ki, son illərdə inflyasiyanın cilovlanması istiqamətində görülən işlər artıq müsbət nəticəsini verir. Hökumətin, Mərkəzi Bankın inflyasiyanın səmərəli, iqtisadi üsullarla idarə edilməsi ilə bağlı metodları vardır.
Onu da nəzərə almalıyıq ki, sürətli inkişaf olan yerdə inflyasiyasız keçinmək çətindir. İnkişaf inflyasiyasını biz qəbul etməliyik. Kim ki deyir, inflyasiya sıfır dərəcəsində olmalıdır, mən hesab edirəm, onun dünya iqtisadiyyatında baş verən proseslərdən xəbəri yoxdur. Elə ölkələr var ki, 6–7 faizlik inflyasiya şəraitində də iqtisadiyyatlarını inkişaf etdirirlər. Çünki bu, gələcəkdə sosial sarsıntıların qarşısının alınmasına xidmət edir.
Büdcə layihəsinin müzakirəsində aqrar sektorun inkişafı məsələləri də diqqət mərkəzində oldu. Bu sahədə aparılan dövlət siyasəti əsaslandırılmış, ölkənin milli mənafelərinə xidmət edən bir siyasət kimi qiymətləndirildi. Xüsusi olaraq vurğulandı ki, kənd təsərrüfatı istehsalçılarının həvəsləndirilməsi, ərzaq bolluğu yaradılmasında kəndin inkişafına xidmət edən iqtisadi mexanizmlərdən istifadə olunması artıq öz müsbət nəticəsini verir.
Mən bir faktı demək istəyirəm. Aqrolizinq vasitəsilə ölkəmizdə kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənir. Gəncədə uzun illər boş dayanmış avtomobil zavodu dövlət başçısının, hökumətin dəstəyi ilə istifadəyə verilmiş və bu zavoddan artıq 1382 traktor Azərbaycan kəndlilərinə verilmişdir. Bu müsbət haldır və mən hesab edirəm ki, ümumiyyətlə, biz, istər iqtisadçılar, istər hökumət strukturları və istərsə də millət vəkilləri Azərbaycanda maşınqayırma sənayesinin gələcəyi barədə daha ciddi düşünməliyik. Çünki ərazisinin böyük və ya kiçikliyindən asılı olmayaraq, hər hansı bir ölkədə maşınqayırma sənayesinin optimal səviyyədə inkişafı ölkənin iqtisadi təhlükəsizliyi üçün ən vacib şərtlərdən biridir.
Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də böyük işlər görülür. Düzdür, bu sahəyə ayrılan vəsaitin 2010-cu ildə azalması nəzərdə tutulur. Amma nəzərə almaq lazımdır ki, artıq verilmiş kreditlər geri qaytarılır və yaxın vaxtlarda Sahibkarlığa Kömək Milli Fondunda 400 milyon manatdan çox vəsait olacaq və o, ölkədə ən iri maliyyə bazasına malik olan təşkilatlardan birinə çevriləcəkdir. Ümumiyyətlə, iqtisadçılar da, millət vəkilləri də fikirləşirlər ki, bəlkə gələcəkdə bu fond dövlətin vəsaitinə ehtiyac olmadan da fəaliyyət göstərə bilər. Belə olarsa, bu, bütövlükdə dövlətin iqtisadiyyata yükünün azalmasını təmin edə bilər.
Mən bir faktı da qeyd etmək istəyirəm. Kənd təsərrüfatının strukturunun təkmilləşməsi, yerli istehsalçıların qorunması, ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq, dövlət büdcəsindən ildən-ilə daha çox vəsait ayrılır. Bu, həqiqətən, müsbət haldır. Uzun illər Bakıda və bütövlükdə Abşeronda neft resurslarından istifadə zamanı çox torpaqlarımız çirklənərək sıradan çıxmışdır. Onların bərpası məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulan vəsait, heç şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının ürəyindəndir.
Millət vəkilləri ölkənin xarici borcları haqqında kifayət qədər maraqlı fikirlər söylədilər. Mən hesab edirəm ki, hökumətin bu sahədə siyasəti təqdirəlayiqdir. Dünyada ümumi daxili məhsula nisbətən ən az xarici borc alan ölkələrdən biri Azərbaycan sayılır. Halbuki biz adambaşına düşən investisiya xərclərinin miqdarına görə dünyada lider ölkələrdən biriyik, həm energetika sektoruna, həm də digər layihələrə son illərdə xarici investisiyalar cəlb edirik. Ancaq artıq Azərbaycan hökuməti dövlət başçısının tapşırıqlarını əsas tutaraq, bu vəsaitlərdən daha səmərəli istifadə olunması, onların xeyli hissəsinin gələcəkdə qeyri-neft sektoruna yönəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirir.
Xarici borclara görə Azərbaycanla digər ölkələri müqayisə edəndə bizim daha yaxşı vəziyyətdə olduğumuz aydın görünür. Baxın, Estoniyada xarici borc ümumi daxili məhsulun 108 faizini təşkil edir. İrlandiyanı bizə nümunə göstərirdilər. İrlandiya dünyanın ən aparıcı ölkələrindən biridir, amma bu gün görün qlobal maliyyə böhranında nə vəziyyətə düşdü. Estoniyada, Rusiyada xarici borc ümumi daxili məhsulun 34 faizini, Latviyada 130 faizini təşkil edir. Azərbaycanda isə bu, 9 faizlə 8 faiz arasında tərəddüd edir.
Biz istəyirik ki, xarici investorlar öz vəsaitlərini ilk növbədə qeyri-neft sektoruna yönəltsinlər. Mən hesab edirəm ki, Maliyyə Nazirliyinin, hökumətin bu sahədə fəaliyyəti təqdirəlayiqdir. Cənab Prezident Milli Məclisdə çıxış edəndə demişdi ki, bizim üçün 1–2 milyard, 3 milyard kredit almaq problem deyil, ancaq biz elə kreditlər almalıyıq ki, onlar inovasiya texnologiyalarına, qeyri-neft sektorunun inkişafına yönəlsin. Milli sahibkarlar tərəfindən artıq yerinə yetirilən işlər üçün bizim kredit almağa ehtiyacımız yoxdur. Bizim “Akkord”, “Gilan”, “Ata holdinq” və sair kimi böyük şirkətlərimiz yaranıb. Onlar artıq dünya səviyyəsində rəqabət aparmaq qabiliyyətinə malikdirlər.
Təbii ki, qloballaşan dünyada bütün dövlətlər büdcə kəsiri ilə üzləşirlər. Büdcə kəsirsiz olmalıdır fikri səhv fikirdir. Ölkə daxilində insanların pul gəlirləri, əmanətləri artdıqca pul kütləsini dövriyyədə nizamlamaq üçün ilk növbədə daxili borclanmaya getmək lazımdır. Daxili borclanma hesabına biz problemlərimizi həll etməliyik. Bu baxımdan Maliyyə Nazirliyinin, hökumətin iqtisadi qurumlarla birlikdə büdcə kəsiri haqqında müəyyən etdiyi rəqəm tamamilə reallığa uyğundur. Azərbaycanda büdcə kəsiri 3 faiz olacaq. Amma baxın, bir çox ölkələrdə, elə Amerika Birləşmiş Ştatlarında – dünyanın ən varlı ölkəsində büdcə kəsiri 12 faiz müəyyən olunur. Amerikada da, İngiltərədə də 12 faizdir. Amma digər Avropa ölkələrində 7–8 faiz arasında müəyyən olunur. Onu da deyim ki, Hesablama Palatasının rəyində büdcə kəsirinin ödənilmə mənbələri çox ətraflı işıqlandırılmışdır.
Mən çıxışımın sonunda cənab Prezidentin Bakı Dövlət Universitetinin 90 illik yubileyində verdiyi bir tarixi bəyanatı xatırlatmaq istəyirəm. Cənab Prezident alimlərin, ziyalıların, elm adamlarının, dünyanın bir çox ölkələrindən gəlmiş nüfuzlu adamların arasında bütün dünyaya bəyan etdi: Azərbaycan iqtisadiyyatında keçid dövrü qurtarıbdır. Bu çox tarixi bir bəyanatdır. Bu o deməkdir ki, Azərbaycanda yeni iqtisadi sistem yaranıb, yeni iqtisadi sistemin strukturları fəaliyyət göstərir. Burada olan millət vəkilləri, – onların arasında uzun illər millət vəkilləri olanlar da, ictimai xadimlər də var, – bilirlər ki, keçid dövrü nə qədər sarsıntılarla keçib, keçid dövründə biz nə qədər sarsıntılarla üzləşmişik. Həmin bu zalda biz büdcəni müzakirə edərkən əhalinin pensiyasını, maaşlarını vermək üçün gəlir yerləri tapa bilmirdik. Büdcə böhran, vardı. Biz yeni büdcə sistemi, yeni vergi sistemi, yeni gömrük sistemi qurduq. Bütövlükdə Azərbaycanda yeni iqtisadi sistemin dayaqları, sütunları yaranıb, möhkəmlənib, keçid prosesi başa çatıb. Biz artıq gələcəyə baxmalıyıq. 2010-cu ilin büdcəsi məhz bu prinsiplər əsasında hazırlanmışdır.
Ölkənin müdafiə qabiliyyəti üçün nəzərdə tutulmuş xərclər kifayət qədərdir. Bəziləri deyirlər bu azdır, bəziləri deyirlər çoxdur. Amma bu, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini təmin edən məbləğdir.
Ölkənin 2010-cu il büdcəsi milli iqtisadiyyatı inkişaf etdirmək üçün real əsas yaradır. Bu gün Azərbaycan informasiya texnologiyaları üzrə dünyada lider ölkələrdən birinə çevrilib. Dövlətin bu sahəyə dəstəyi artıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq yeni müəssisələrin əsası qoyulur.
Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edir. 1990-cı illərin əvvəllərində zərrə qədər də taxıl ehtiyatımız olmadığı halda, bu gün Azərbaycanda taxıl ehtiyatı fondu yaradılır. Azərbaycanda taxıl istehsalının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Keçid dövrünü başa çatdıran Azərbaycan iqtisadiyyatında iri miqyaslı infrastruktur layihələri həyata keçirilir. Nəqliyyat sektoru yeniləşir. Azərbaycan Şərq Nəqliyyat Sektoru artıq dünyanın ən aparıcı transmilli layihələrindən birinə çevrilir. Eyni zamanda, sosial sahədə, elmin, təhsilin inkişafı istiqamətində böyük işlər görülür.
2010-cu ilin büdcəsi bizdə belə bir inam yaradır ki, Azərbaycan iqtisadiyyatının inkişafı gələn il də uğurla davam etdiriləcəkdir. Gələn ilin dövlət büdcəsi hansı vəzifələrin həllinə istiqamətləndirilmişdir? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikricə, bu büdcənin yerinə yetirilməsi pozitiv meyilləri gücləndirməli, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməli, milli iqtisadiyyatı inkişaf etdirməli, ərzaq təhlükəsizliyini təmin etməli, infrastrukturu, informasiya texnologiyalarını inkişaf etdirməli, sosial sahənin, elmin, təhsilin inkişafını təmin etməli və bu zaman şəffaflığa, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətimizin inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılmasına xüsusi diqqət yetirilməlidir.
Mən bütün komitələrin adından deyirəm. Bizim fikrimizcə, 2010-cu ilin büdcəsi kifayət qədər əsas verir ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri ildən-ilə yaxşılaşsın və gələcəyə hədəflənmiş strategiyanın həyata keçirilməsi üçün daha cəsarətli addımlar atılsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Azərbaycan Respublikasının maliyyə naziri hörmətli Samir Şərifov buyursun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2010-cu il dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir. Hörmətli Sədrin qeyd etdiyi kimi, 2010-cu ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitələrində ətraflı müzakirə olunmuş və onun Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur. Milli Məclisin bugünkü geniş iclasında büdcə layihəsinin müzakirəsində iştirak etmək, onu əsaslandırmaq və sual doğuran məsələlərə aydınlıq gətirmək üçün dəvətə görə, hörmətli sədarət, sizə minnətdarlığımı bildirirəm. Büdcə zərfinə daxil olan sənədlər, o cümlədən 2010-cu ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı ətraflı izahat və yardımçı məlumatlar sizə, hörmətli millət vəkilləri, təqdim edildiyinə görə çıxışımı büdcədə əksini tapan əsas prioritet məsələlər ətrafında qurmağa çalışacağam.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunmuş 2010-cu il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır. Dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, dünya iqtisadiyyatında cərəyan edən və növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilmişdir. Büdcə layihəsi tərtib olunarkən, ölkəmizin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və orta müddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2008-ci ilin payızında dünya iqtisadiyyatını sarsıtmış qlobal maliyyə-iqtisadi böhranın 2009-cu ilin ötən dövrü ərzində Azərbaycan iqtisadiyyatına mənfi təsirləri qiymətləndirilmiş, onlarla bağlı yaranmış və yarana biləcək risklərin neytrallaşdırılması imkanları təklif olunmuşdur.
Eyni zamanda, layihə hazırlanarkən nəzərdə tutulmuşdur ki, növbəti ildə dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq yenidən artıma qədəm qoyması, beynəlxalq ticarət dövriyyəsinin əvvəlki həcmdə, əsas xammallar və enerji daşıyıcıları üzrə qiymətlərin isə ədalətli qiymətlərə yaxın səviyyələrdə bərpa olunması, beynəlxalq maliyyə bazarlarının canlanması və kreditləşmə imkanlarının artması zəminində proqnozlaşdırılan meyillər gələn il Azərbaycan iqtisadiyyatının da inkişafı üçün münbit şərait yaradacaq. Bu fikir nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının proqnozlarında da öz əksini tapmışdır. Belə ki, beynəlxalq ekspertlər 2010-cu ildən dünyada baş verən maliyyə-iqtisadi böhranının sönmə fazasına keçəcəyini və iqtisadi vəziyyətin tədricən yaxşılaşacağını, o cümlədən Dünya Bankı 2010-cu ildən dünyada ümumi daxili məhsulun orta hesabla 2,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 1,4 faiz artacağını proqnozlaşdırırlar.
Bununla belə, dünya iqtisadiyyatının tam bərpasına gözlənildiyindən daha çox vaxt tələb olunacağı da istisna olunmur. Belə ki, dünya ehtiyat valyutalarının emitentləri tərəfindən, – söhbət ilk növbədə ABŞ-dan, Avrozonaya daxil olan ölkələrdən və Birləşmiş Krallıqdan gedir, – antiböhran tədbiri kimi tətbiq olunan fiskal stimullaşdırma öz-özlüyündə dünya iqtisadiyyatının son zaman üzləşdiyi problemlərin aradan qaldırılmasını təmin etmir. Bu tədbir, sadəcə olaraq, maliyyə bazarlarında yaranmış likvidlik problemini aradan qaldıraraq dünya iqtisadiyyatını sabit cərəyana qaytarmışdır.
Eyni zamanda, qeyd olunmalıdır ki, böyük həcmlərdə pul emissiyası ilə müşahidə olunan bu fiskal stimullaşdırma böyük iyirmilik tərəfindən beynəlxalq maliyyə bank və maliyyə bazarları sisteminin, habelə beynəlxalq maliyyə təşkilatlarının fəaliyyət prinsiplərinin islahatına yönəlmiş və praktiki nəticə verən birgə tədbirlərlə dəstəklənmədiyi təqdirdə son maliyyə böhranının residivlərinin vaxtaşırı özünü büruzə verməsi və növbəti illərdə də dünya iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi nəzərdən qaçırılmamalıdır. Məhz bu baxımdan növbəti ilin dövlət büdcəsinin və sonrakı 3 il üçün icmal büdcənin parametrləri tərtib olunarkən ölkə iqtisadiyyatının kənar mənfi təsirlərdən maksimal mümkün dərəcədə qorunması və orta müddətli perspektivdə makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunması vəzifəsi önə çəkilmişdir.
Hörmətli millət vəkilləri, yuxarıda qeyd olunanlarla yanaşı, 2010-cu il dövlət büdcəsinin layihəsinin tərtibi zamanı cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin, habelə ölkənin makroiqtisadi göstəricilərinin icra vəziyyəti də təhlil olunmuşdur. Məlum olduğu kimi, cari ilin 9 ayında maliyyə-iqtisadi böhran bütün ölkələrə mənfi təsirini göstərmiş, onların mütləq əksəriyyətində ciddi iqtisadi tənəzzül müşahidə olunmuşdur. Böhran Azərbaycanın aid olduğu bölgədəki ölkələrdən də yan keçməmiş, həmin ölkələrdə pisləşən iqtisadi vəziyyət ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmış, investisiya qoyuluşları və kreditlərinin cəlb edilməsi imkanlarını məhdudlaşdırmış, milli valyutaların məzənnəsi aşağı düşərək dəyərini itirmiş, inflyasiya xeyli yüksəlmiş, eyni zamanda, işsizlik səviyyəsi artmışdır. Bu ölkələr öz maliyyə-iqtisadi durumlarını tənzimləmək və böhranın nəticələrini aradan qaldırmaq üçün təcili maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Beynəlxalq Valyuta Fonduna, Avropa Birliyinə, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi mötəbər beynəlxalq qurumlara, habelə ikitərəfli səviyyədə bəzi ölkələrə müraciət etməyə məcbur olmuşlar.
Ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya olunduğundan maliyyə böhranı Azərbaycandan da yan keçməyərək öz neqativ izini iqtisadiyyatın bəzi sahələrinə qoymuşdur. Lakin ölkə rəhbərliyinin həyata keçirdiyi çevik, qətiyyətli və təmkinli tədbirlər nəticəsində böhranın təsirləri neytrallaşdırılmış, bütün sosial öhdəliklərin ödənilməsi, vacib sosial layihə və tədbirlərin sabit həyata keçirilməsi təmin olunmuşdur.
2009-cu ilin ötən 9 ayı ərzində əsas makroiqtisadi göstərici olan ümum daxili məhsulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz, onun adambaşına məbləği isə 4,7 faiz artmışdır. Son operativ statistika məlumatlarına görə isə 2009-cu ilin 10 ayı ərzində ÜDM-in artımı artıq 8 faizi üstələmişdir. 9 ayda əhalinin gəlirlərinin 9,8 faizlik artımı 2,1 faiz həcmində müşahidə olunan inflyasiyanı 7,7 faiz üstələmişdir.
Cari ilin əvvəlinə nisbətən ölkənin valyuta ehtiyatları təxminən 1 milyard ABŞ dolları və ya 5,5 faiz artaraq 19 milyard ABŞ dollarına çatmışdır. Ölkədə manatın sabitliyinin təmin edilməsi əhalinin banklara olan inamını daha da artırmış, keçən ilin müvafiq dövrünə nisbətən əhalinin banklardakı əmanətləri 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatmışdır.
Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulmuşdur ki, bunun da 3,4 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Dövlət büdcəsinin gəlirləri 91,9 faiz, yaxud 7 milyard 235 milyon manat, xərcləri isə 81,8 faiz və yaxud 6 milyard 457 milyon manat icra olunmuşdur. Hesab edirik ki, dünyada hökm sürən maliyyə-iqtisadi böhranı dünya miqyasında ölkələrin mütləq əksəriyyətini iqtisadi tənəzzülə gətirib çıxardığı iqtisadi mühitdə belə 2009-cu il dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həyata keçirilən işlərin, nailiyyətlərin həcmi baxımından ölkəmizin müasir tarixinə uğur ili kimi daxil olmaqdadır.
2010-cu ilin dövlət büdcəsinin göstəriciləri. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqımızın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatımızın sıçrayışlı surətdə artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin qlobal maliyyə-iqtisadi böhran şəraitində qorunub saxlanılması, müəyyən olunmuş sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsi vəzifəsinin icrası üçün müvafiq maliyyə təminatının yaradılması zəminində hazırlanmışdır. Büdcə layihəsinin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların qarşısında qoyulmuş vəzifələr və onların normal fəaliyyəti üçün tələb olunan vəsait barədə sifarişləri, o cümlədən müdafiə olunan xərc maddələri üzrə sifarişləri tam nəzərə alınmışdır.
2010-cu il üçün dövlət və icmal büdcə layihələri üzrə xərclər hesablanarkən ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasına və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müasir dövrdə Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq məbləğlər nəzərdə tutulmuşdur.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı həyata keçiriləcək beynəlxalq ictimai, siyasi, iqtisadi, mədəni və digər tədbirlərdə iştirakının maliyyə təminatı büdcə layihəsində öz əksini tapmışdır. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın, o cümlədən özəl sektorun inkişafının təmin edilməsi üçün fiskal və manitar siyasətin daha da möhkəmləndirilməsi və onların əlaqələndirilməsinin gücləndirilməsi 2010-cu ildə qarşıda duran vəzifələr sırasındadır. Orta müddətli dövrdə ölkədə rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrin həcminin artırılması, vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, mərhələlərlə xərclərin orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılmasının davam etdirilməsi qarşıda duran mühüm vəzifələr kimi qəbul olunmuşdur.
2009-cu ilin dövlət büdcəsi layihəsinin və 2008-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı hörmətli millət vəkillərinin və Hesablama Palatasının verdiyi səmərəli təklif və tövsiyələr öyrənilərək onların bir çoxu 2010-cu ilin büdcə layihəsində nəzərə alınmışdır. 2010-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı yuxarıda qeyd olunan amillər və İqtisadi İnkişaf Nazirliyinin 2010–2013-cü illər üzrə hazırladığı makroiqtisadi proqnoz göstəriciləri əsas götürülmüşdür.
Milli neft strategiyasının uğurla həyata keçirilməsi kontekstində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorundan əldə olunan gəlirlərin xüsusi çəkisinin yüksək olması məntiqi qəbul olunsa da, 2010-cu il dövlət büdcəsi gəlirlərinin strukturunun tarazlaşdırılmasına, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinə mühüm əhəmiyyət verilmişdir. 2010-cu il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürəti 2008–2009-cu illər büdcələrinin artım sürətinə nisbətən az proqnozlaşdırılmışdır. Bunu dünya iqtisadiyyatının tənəzzüldən yenidən çıxması fonunda dövlət büdcəsi gəlirlərinin hesablanmasına mühafizəkar yanaşılmaqla 1 barel xam neftin satış qiymətinin 45 ABŞ dolları səviyyəsində götürülməsi, Vergi Məcəlləsinə vergi dərəcələrinin azaldılması ilə bağlı düzəlişlərin edilməsi, inflyasiyanın 2008–2009-cu illərin nəticələri ilə müqayisədə kəskin azalması ilə izah etmək olar. Belə ki, 2010-cu il dövlət büdcəsi gəlirlərinin azalması və vergitutma dairəsinin genişləndirilməsi üçün dövlət tərəfindən məqsədyönlü olaraq növbəti ilə bir sıra vergilər üzrə dərəcələrin aşağı salınması, o cümlədən müəssisələrin mənfəətindən tutulan vergi dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, fiziki şəxslərin muzdlu fəaliyyətindən əldə olunan aylıq gəlirin 2000 manatdan çox olan hissəsinə tətbiq edilən vergi dərəcəsinin 35 faizdən 30 faizə endirilməsi, sadələşdirilmiş vergi tutulan dövriyyənin 90 min manatdan 150 min manata çatdırılması, ödənişli məktəbəqədər uşaq müəssisələrinin pullu xidmətlərindən əldə etdikləri gəlirlərin əlavə dəyər vergisindən azad edilməsi təmin ediləcək.
Bununla yanaşı, bir sıra vergilər üzrə dərəcələrin aşağı salınması, maliyyə-iqtisadi böhranın davam etdiyi şəraitdə fiziki və hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarların maliyyə vəziyyətinin qorunub saxlanılmasına və tənzimlənməsinə, onların çevik iqtisadi fəaliyyətləri üçün şərait yaradılmasına, iş yerlərinin və əhalinin gəlirləri üzrə itkilərin azaldılmasına ciddi stimul olacaqdır. 2010-cu ildə dövlət büdcəsi xərclərinin strukturunun tərtibi və icrası prosesinin təkmilləşdirilməsi bu sahədə şəffaflığın və ünvanlılığın səmərəliyinin daha da artırılması istiqamətində iş davam etdiriləcək.
2010-cu il dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri. 2010-cu ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,5 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 3,9 faiz çox, gözlənilən icraya nisbətən isə 0,1 faiz az proqnozlaşdırılır. Mütləq ifadədə gəlirlər 10 milyard 15 milyon manat və yaxud 2009-cu ilin proqnozuna nisbətən 16,8 faiz az, gözlənilən icraya nisbətən isə 3,2 faiz çox olacaqdır. Vergilər Nazirliyi tərəfindən 2010-cu ildə 3 milyard 980 milyon daxilolmaların təmin ediləcəyi nəzərdə tutulur.
2010-cu ildə neft sektoru üzrə, – yəni Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti nəzərdə tutulur, – vergi yığımlarının məbləğinin 1 milyard 530 milyon manat, qeyri-neft sektoru üzrə 2 milyard 450 milyon manat olacağı proqnozlaşdırılır.
2010-cu ildə Vergilər Nazirliyi xətti ilə rayon və şəhər lərin yerli gəlirləri üzrə daxilolmalar Bakı şəhəri istisna olmaqla 347 milyon manat nəzərdə tutulur. Həmin gəlirlər dövlət büdcəsinə Vergilər Nazirliyi xətti ilə nəzərdə tutulan daxilolmaların 8,7 faizini təşkil edir ki, bu da 2009-cu illə müqayisədə 2,4 faiz çoxdur.
Növbəti ildə Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 100 milyon manat gəlir proqnozu nəzərdə tutulub. Bu da cari illə müqayisədə 15,4 faiz, gözlənilən icraya nisbətən isə 1,8 faiz azdır.
2010-cu ildə dövlət büdcəsinə Dövlət Neft Fondundan 4 milyard 925 manat transfer və digər mənbələr hesabına 20 milyon manat sair daxilolma nəzərdə tutulur.
2010-cu il dövlət büdcəsi xərclərinin strukturu və əsas istiqamətləri. Növbəti ildə dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,4 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 7,1 faiz, gözlənilən icraya nisbətən isə 2,8 faiz çox nəzərdə tutulub. Kəsirin maliyyələşmə mənbələri nəzərə alınmaqla 2010-cu il dövlət büdcəsinin xərcləri 11 milyard 264 milyon manat olacaqdır.
Dövlət büdcəsi xərclərinin 58,6 faizi və ya 6 milyard 590 min manatı cari xərclərə, 38,9 faizi və ya 4 milyard 387 milyon manatı əsaslı xərclərə, 2,5 faizi və ya 287 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2010-cu il dövlət büdcəsinin məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün xərclərin 39,4 faizi həcmində və yaxud 4 milyard 436 milyon manat vəsait ayrılacaqdır.
Funksional istiqamətlər üzrə 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsinin cari xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri və idman xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcəkdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin xüsusi çəkisi isə 6,7 faiz azalaraq 31,5 faiz olacaqdır. İqtisadi təsnifata uyğun olaraq 2010-cu il dövlət büdcəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərclərinə 38,9 faiz, əməyin ödənişi xərclərinə 21,2 faiz, təqaüdlər və sosial müavinət xərclərinə 10,3 faiz, dərman, sarğı ləvazimatlarının və ərzaq məhsullarının alınması xərclərinə 2,9 faiz, nəqliyyat, kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi xərclərinə 3,1 faiz, abadlaşdırma, geoloji kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi xərclərinə 1,4 faiz vəsait nəzərdə tutulmuşdur.
Sosial yönümlü xərclərin əsas istiqamətləri. Hörmətli millət vəkilləri, davamlı olaraq əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun prioritet istiqamətini təşkil etmiş, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış, növbəti ildə də sosial xərclər prioritet xərclər sırasına daxil edilmişdir. 2010-cu il dövlət büdcəsi xərclərinin 34,4 faizi və 3 milyard 878 milyon manatı sosial yönümlü xərclərə yönəldilməklə onun büdcədəki xüsusi çəkisi 1,8 faiz artımla proqnozlaşdırılır.
2010-cu il dövlət büdcəsində sosial siyasətin qayəsini təşkil edən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri üçün dövlət büdcəsinin yalnız cari xərclərindən 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş cari xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,6 faizə çatmaqla 2009-cu illə müqayisədə 2 faiz artmışdır. Növbəti ilin investisiya xərclərinin bölgüsü zamanı da həmin sahələr üzrə nəzərdə tutulan investisiya qoyuluşu layihələrinin maliyyələşdirilməsi üçün də kifayət qədər vəsait nəzərdə tutulacaq.
Onu da qeyd etmək yerinə düşər ki, 2005-ci il ilə müqayisədə, yəni 5 illik dövrü əhatə etməklə 2010-cu ilin təhsil xərcləri 3,4 dəfə, səhiyyə xərcləri 4,2 dəfə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və idman xərcləri 3,4 dəfə artmışdır.
2010-cu ildə həmin sahələr üzrə bir sıra proqram və tədbirlərin, o cümlədən elmi tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında yeni yaradılmış Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, 2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyası üzrə Dövlət Proqramına əsasən ölkədə təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları üzrə təminatı üçün 16,4 milyon manat, respublikanın ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8 milyon manat, 2006–2010-cu illəri əhatə edən xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı üçün 19,8 milyon manat, eyni illəri əhatə edən hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı üçün 10,6 milyon manat, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə tədbirlər proqramı üçün 11 milyon manat, Azərbaycan teatrı Dövlət proqramının tətbiqi ilə bağlı 9 milyon manat, Azərbaycan kinosunun 2008–2010-cu illər üzrə inkişafına dair Dövlət Proqramının icrası üçün 6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Mən vaxtınızı alıb proqram və tədbirlərin hamısını sadalamaq istəməzdim.
Səhiyyə müəssisələrini tibbi kadrlarla tam təmin etmək üçün kənd yerlərindəki səhiyyə müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə ilkin şəraitin yaradılması məqsədi ilə birdəfəlik yardım, yol xərci, əmlakın daşınması, nəqliyyat və kommunal xidmətlər üzrə xərclərin ödənilməsinə ilk dəfə olaraq 2010-cu il dövlət büdcəsində təxminən 1 milyon manatadək vəsait nəzərdə tutulur. Adekvat olaraq kənd yerlərinin təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc müəllimlər üçün dövlət büdcəsindən davamlı olaraq 2,5 milyon manat vəsait ayrılmışdır.
Ölkədə sosial müdafiə sisteminin səmərəliliyinin artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində davamlılığın təmin edilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsindən əmək pensiyalarının baza hissəsinin maliyyələşdirilməsinə və digər sosial tədbirlərə 1 milyard 59 milyon manat və yaxud 2009-cu ilə nisbətən 21 milyon manat və 2 faiz çox, ünvanlı dövlət sosial yardımın və digər sosial xarakterli tədbirlərin maliyyələşdirilməsinə 364 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərə 182,3 milyon manat vəsait yönəldiləcək. 2005-ci illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin məbləği 3,9 dəfə artmışdır.
2010-cu ildə qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi ilə 2,8 milyon manat, ölkənin kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün 2 milyon manat vəsait ayrılmışdır. Ölkəmizdə ailə, uşaq və qadın hüquqlarının müdafiəsi və gender siyasətinin həyata keçirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün alternativ qayğı mərkəzlərinin yaradılması və digər vəzifələrin icrası üçün 582 min manat vəsait nəzərdə tutulmuşdur.
Dövlətin hərbi potensialının artırılması, onun müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2010-cu ildə cari müdafiə xərclərinə tələb olunan məbləğdə və yaxud dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində, 2009-cu illə müqayisədə isə 0,9 faiz çox vəsait ayrılmış, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə dövlət büdcəsi xərclərinin 6,3 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. 2005-ci illə müqayisədə müdafiə xərcləri 4,2 dəfə artmışdır. Növbəti ilin investisiya xərclərində də həmin sahələr üzrə müvafiq investisiya qoyuluşu layihələrinin maliyyələşdirilməsi üçün də vəsait nəzərdə tutulub.
Əsaslı xərclərin istiqamətləri. 2010-cu ilin dövlət büdcəsində əsaslı xərclər üçün 4 milyard 386 milyon manat vəsait ayrılacaqdır. Əsaslı xərclərin birbaşa dövlət əsaslı vəsait qoyuluşu xərclərinə yönəldilən hissəsi 3 milyard 549 milyon manat təşkil edəcəkdir. Ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmin edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə 2010-cu ildə tamamlanması nəzərdə tutulan layihələrin maliyyə təminatına yönəldiləcəkdir. Bütövlükdə dövlət əsaslı vəsait qoyuluşu xərcləri 2005-ci illə müqayisədə 2010-cu ildə 22,2 dəfə artmışdır.
Dövlət əsaslı xərclərinin 837 milyon manatı dövlət büdcəsinin müvafiq xərc bölmələri üzrə sosial-mədəni, inzibati, istehsalat təyinatlı bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin alınmasına yönəldiləcəkdir.
Dövlət büdcəsi ilə yanaşı, 2010-cu ildə Dövlət Neft Fondunun büdcəsindən bir sıra əsaslı xərclərin və dövlət tədbirlərinin maliyyələşdirilməsinə üst-üstə 530 milyon manat, o cümlədən növbəti ilin Azərbaycanda ekologiya ili elan edildiyini nəzərə alaraq ekoloji problemlərin həlli ilə bağlı xərclərə 25 milyon manat vəsait yönəldiləcəkdir.
Oğuz–Qəbələ zonasından Bakı şəhərinə su kəməri xəttinin çəkilməsi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin çəkilməsi, alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclər, habelə 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı ilə nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi davam etdiriləcəkdir.
Xarici borclanma hesabına bir sıra dövlət əhəmiyyəti layihələrin maliyyələşdirilməsinə 2010-cu ildə 1 milyard 49 milyon manat vəsait nəzərdə tutulur.
Kənd təsərrüfatı, mənzil-kommunal, nəqliyyat, sənaye və tikinti xərclərinin əsas istiqamətləri. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, nəqliyyat və rabitə, mənzil-kommunal xərcləri üçün 2010-cu il dövlət büdcəsində 676 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu xərclərin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi 0,3 faiz artaraq 6 faiz təşkil edəcəkdir. Bütövlükdə kənd təsərrüfatına ayrılan vəsaitlər 2005-ci illə müqayisədə 2010-cu ildə 4 dəfə, mənzil kommunal xərclərinə ayrılan vəsaitlər 5,1 dəfə, sənaye və tikinti xərclərinə ayrılan vəsaitlər 5,2 dəfə artmışdır.
2010-cu ildə məqsədli olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını və Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı həyata keçirmək üçün 111,5 milyon manat vəsait nəzərdə tutulur.
Ölkədə yolların yenidən qurulması və əsaslı təmiri, abadlıq işlərinin daha da genişləndirilməsi məqsədi ilə 352 milyon manat, o cümlədən abadlıq işləri üçün 126 milyon manat, yolların yenidən qurulması, istismarı və saxlanılması üçün 226 milyon manat vəsait nəzərdə tutulub. Dövlət büdcəsindən abadlaşdırma və yollara ayrılan vəsaitin 148 milyon manatı və yaxud 42 faizi dövlət başçısının xüsusi diqqət və qayğısı olaraq regionların sosial-iqtisadi inkişafına, o cümlədən rayon və şəhərlərdə yolların tikintisinə, abadlıq işlərinin daha da genişləndirilməsinə yönəldiləcəkdir. 2010-cu ildə subsidiyalar, cari transferlər və müəssisələrin zərərinin ödənilməsi üçün 330 milyon manat vəsait yönəldiləcəkdir.
Digər dövlət tədbirləri ilə bağlı xərclərin əsas istiqamətləri. Ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan sahibkarlığa dövlət himayəsinin davam etdirilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsində 44 milyon manat, eyni zamanda, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Muxtar Respublikada sahibkarlığa maliyyə dəstəyi üçün 6 milyon manat vəsait nəzərdə tutulmuşdur.
2010-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə veriləcək mikrokreditlər üzrə xərclərə 10 milyon manat vəsait ayrılmışdır. Növbəti ildə aqrolizinqin inkişafı üçün dövlət büdcəsində 35 milyon manat, eyni zamanda, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Muxtar Respublikada aqrolizinqin inkişafı üçün 2,5 milyon manat vəsait yönəldiləcəkdir.
Sosial ipoteka üçün 14 milyon manat vəsaitin ipoteka fonduna ayrılması təmin olunacaqdır.
2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi üçün dövlət büdcəsindən 38,6 milyon manat vəsait ayrılacaqdır.
Əhalinin siyahıya alınmasının keçirilməsi və 2008–2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2,5 milyon manat vəsait yönəldiləcəkdir.
Büdcə təşkilatlarının göstərdikləri xidmətlərə görə əldə etdikləri gəlirlər hesabına formalaşan büdcədənkənar xərcləri 145 milyon manat və yaxud 2009-cu ilə nisbətən 5,8 faiz və yaxud 8 milyon çox olacaqdır.
2009-cu illə müqayisədə dövlət büdcəsi xərclərinin bütövlükdə 8,8 faiz azalmasına baxmayaraq, növbəti ildə bələdiyyələrə dövlət dəstəyi olaraq dotasiya formasında 2009-cu ilin səviyyəsində və yaxud 3,5 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Dövlət borcunun idarə edilməsi və digər dövlət tədbirləri ilə bağlı xərclər. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da güclənir, dünya birliyi çərçivəsinin nüfuzlu söz sahibinə, bölgənin aparıcı dövlətinə, beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilir. Bu amillər əsas götürülməklə dövlətimizin beynəlxalq münasibətlərinin, həmçinin daxili və xarici borclarının beynəlxalq təşkilatlara üzvlük haqlarının idarə edilməsi növbəti ildə də diqqət mərkəzində saxlanılmışdır.
Ölkəmizin diplomatik xidmətinin əhatə dairəsinin və diasporanın genişləndirilməsi, fəaliyyətdə olan, habelə növbəti ildə fəaliyyətə başlayacaq diplomatik xidmət orqanlarının saxlanılması üçün 2010-cu ilin dövlət büdcəsində 51 milyon manat, ölkəmizdə və xaricdə keçiriləcək beynəlxalq səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün 15,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bununla yanaşı, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı, beynəlxalq proqramların həyata keçirilməsində Azərbaycan tərəfinin payı, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsi və digər beynəlxalq fəaliyyət üçün 36,4 milyon manat vəsait nəzərdə tutulur.
Ölkədə həyata keçirilən dayanıqlı və davamlı iqtisadi və sosial islahatların davam etdirilməsi, ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2009-cu il 1 oktyabr tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 7 milyard 397 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmış, ondan 3 milyard 980 milyon ABŞ dolları artıq istifadə olunmuşdur. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2009-cu il üçün gözlənilən ümumi daxili məhsulun 8,7 faizini təşkil etmişdir ki, bu da ümumən beynəlxalq borclanma təcrübəsində çox aşağı səviyyə hesab olunur. 2010-cu il dövlət büdcəsində dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə 287 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanda sosial və infrastruktur təyinatlı quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət şirkətləri tərəfindən həm ölkənin daxili ehtiyatları, həm də xaricdən aktiv şəkildə kreditlər cəlb edilir. Dövlət maraqları əsas götürülməklə kreditorlara dövlət zəmanəti verilməsi praktikası növbəti ildə də davam etdiriləcəkdir. Buna görə də zəmanət verilmiş borc öhdəliklərinin yerinə yetirilməməsi risklərindən sığortalanmaq, qəbul edilmiş beynəlxalq maliyyə öhdəliklərinin şərtlərinə düzgün və vaxtında əməl etmək məqsədi ilə dövlət zəmanəti ilə alınan borcların təminat fonduna 100 milyon manatın köçürülməsi nəzərdə tutulmuşdur.
Dövlət büdcəsinin yerli xərcləri. 2010-cu ildə dövlət büdcəsinin yerli xərclərinə 1 milyard 194 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 10,6 faizini təşkil etməklə 2009-cu ilə nisbətən 0,4 faiz çoxdur. Şəhər və rayonların yerli xərclərinin 730 milyon manatı və yaxud 61,1 faizi mərkəzləşdirilmiş xərclərdən verilən vəsait, yəni dotasiya hesabına maliyyələşdiriləcəkdir. Müsbət hal kimi qeyd etmək lazımdır ki, 2009-cu illə müqayisədə növbəti ildə yerli gəlirlərin tənzimlənməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinə verilən dotasiyaların xüsusi çəkisi 0,9 faiz azalacaqdır. Hesab edirik ki, bu müsbət meyillər davam etdirilməlidir.
Yerli xərclərin 706 milyon manatı və ya 59,1 faizi təhsil xərclərinə, 176 milyon manatı və ya 14,7 faizi səhiyyə xərclərinə, 54 milyon manatı və ya 4,5 faizi mədəniyyət, bədən tərbiyəsi və idman xərclərinə, 164 milyon manatı və ya 13,8 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 80 milyon manatı və ya 6,7 faizi qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 14 milyon manat və ya 1,2 faizi isə digər xərc bölmələri üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi. 2010-cu il dövlət büdcəsinin kəsiri 1 milyard 249 milyon manat və ya ümumi daxili məhsulun 3,9 faizi həcmində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi özəlləşmədən, xarici və daxili borclanmadan və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcəkdir.
İcmal büdcənin göstəriciləri. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2010-cu il üçün icmal büdcəsinin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri isə 12 milyard 616 milyon manat olacaqdır. İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 265,5 milyon manat məbləğində nəzərdə tutulur. Xərclərin 13,8 faizi və ya 36,7 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 86,2 faizi və ya 228,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır. 2009-cu illə müqayisədə 2010-cu ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın xüsusi çəkisinin 2,8 faiz azalmasına baxmayaraq, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılacaq investisiya layihələri üzrə subvensiya hesabına Muxtar Respublikanın məcmu xərcləri 2009-cu illə müqayisədə 75,3 milyon manat və ya 24,7 faiz artacaqdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 1 milyard 757 milyon manat proqnozlaşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 534 milyon manatı dövlət büdcəsindən verilən transfert hesabına təmin olunacaqdır ki, bu da 2009-cu ilə nisbətən 39 milyon manat və ya 7,9 faiz çoxdur. Dövlət büdcəsindən ayrılan transfertin Dövlət Sosial Müdafiə Fondunun xərclərinin tərkibində xüsusi çəkisi 2009-cu illə müqayisədə 2,5 faiz artaraq 30,4 faiz təşkil edəcəkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri növbəti ildə 5 milyard 445 milyon manat nəzərdə tutulur ki, bu da 2009-cu ilə nisbətən 150 milyon manat və ya 2,8 faiz çoxdur. Dövlət büdcəsinə ayrılan 4 milyard 915 milyon manat trensferlə yanaşı, 2010-cu ildə Dövlət Neft Fondunun vəsaitindən digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 530 milyon manat vəsait yönəldiləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə çıxarılmış 2010-cu ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsini, ölkəmizdə makroiqtisadi və büdcə dayanıqlılığının saxlanılmasını, əsas dövlət və sosial vəzifələrin növbəti ilin heç də sadə olmayacaq xarici iqtisadi mühiti şəraitində uğurla həyata keçirilməsini, prioritet inkişaf hədəflərinə nail olunmasını maliyyə baxımından təmin edir. Bunları nəzərə alaraq hörmətli millət vəkillərini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2010-cu il dövlət və icmal büdcəsi layihələrini və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini bəyənərək qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, bilirsiniz ki, bu gün Azərbaycanda forum keçirilir və iqtisadi inkişaf naziri biznes-forumun açılışını edir. Ona görə söz verilir iqtisadi inkişaf nazirinin müavini Sevinc xanım Həsənovaya.
S. Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə təqdim olunan 2010-cu il dövlət büdcəsi, habelə növbəti 3 il üçün sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilər son dövrlərdə dünyada və regionda müşahidə olunan mürəkkəb iqtisadi proseslərin baş verdiyi bir şəraitdə hazırlanmışdır. 2008-ci ilin ikinci yarısından başlamış qlobal iqtisadi böhran, ondan öncəki ərzaq böhranı, maliyyə böhranı nəticəsində bütövlükdə dünya iqtisadiyyatının və eləcə də ayrı-ayrı ölkələrin əsas iqtisadi göstəriciləri mənfi dinamikaya malik olmuş, məcmu tələb azalmış, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanları məhdudlaşmış, bir çox ölkələrin pul vahidləri devalvasiya edilmiş, ərzaq problemləri, yoxsulluq səviyyəsi artmış, işsizlik səviyyəsi yüksəlmiş, dünya ölkələrinin 75 faizində iqtisadi vəziyyət pisləşmişdir.
Həmin ölkələrdən fərqli olaraq və dünya bazarında neftin qiymətinin iki dəfə azalmasına baxmayaraq, Azərbaycanda yaradılmış iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edə bilmişdir. Bu isə ilk növbədə ulu öndər Heydər Əliyevin zamanın sınağından uğurla çıxmış sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur. Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın devalvasiyasına yol verilməmiş, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi genişlənmiş, yoxsulluq səviyyəsi azalmışdır.
Bütün bunlar 2009-cu ilin ötən dövründə də ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmişdir. Belə ki, 9 ayın yekunlarına görə ümumi daxili məhsul 6,1 faiz, sənaye 5 faiz, kənd təsərrüfatı 3 faiz, rabitə 10,4 faiz, nəqliyyat 5,4 faiz, pullu xidmətlərin həcmi 12,5 faiz, ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 15,5 faiz, əhalidən cəlb olunan əmanətlərin həcmi isə 11 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq oktyabrın 1-nə 19,1 milyard dollar olmuşdur.
Hazırda regionların sosial-iqtisadi inkişafı və digər dövlət proqramlarına uyğun olaraq qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, ölkədə infrastruktur təminatının, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri işlər davam etdirilir.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının inkişafını stumullaşdırmaq, mövcud potensialdan daha səmərəli istifadəyə nail olmaq və ölkənin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi, texnika və texnoloji avadanlıqların satışı, buğda toxumu və gübrələrə təminat, aqroservis xidmətlərinin göstərilməsi davam etdirilmiş və vergi güzəştlərinin müddəti 2014-cü ilədək uzadılmışdır. Məhsulların qablaşdırılması, saxlanılması, itkilərin azaldılması, ixracın artırılması məsələlərini həll etmək üçün regionlarda infrastruktur komplekslərinin inşasına başlanılmışdır.
Tranzit ölkə kimi Azərbaycanın potensialından daha səmərəli istifadə edilməsinin mərkəzində, bildiyiniz kimi, TRASEKA və Şimal–Cənub beynəlxalq dəhlizlərinin, eləcə də enerji ixracı dəhlizlərinin öncül inkişafı durur. Bu dəhlizlərin inkişafı çərçivəsində onların əhatə etdiyi avtomobil yollarının inşası, yenidən qurulması, birinci dərəcəli yol standartlarına uyğunlaşdırılması və Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin həyata keçirilməsi, liman infrastrukturunun yenidən qurulması böyük iqtisadi səmərə ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşmasına da öz müsbət təsirini göstərəcəkdir.
İqtisadi inkişafla paralel olaraq ekoloji vəziyyətin yaxşılaşması və ətraf mühitin qorunması ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. “Təmiz Şəhər” Səhmdar Cəmiyyətinin fəaliyyətə başlaması bu il təməli qoyulmuş iki böyük layihənin – Qaradağ sement zavodunda quru texnologiya ilə işləyən sobanın və bərk məişət tullantılarının emalı zavodunun tikintisi, möhtərəm Prezidentimiz tərəfindən gələn ilin ekologiya ili elan olunması yaxın dövrdə ekoloji vəziyyətin xeyli yaxşılaşacağına zəmin yaradır.
İstehsal sektoru ilə yanaşı, xidmət sahəsinin inkişafı və onun ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı olaraq artması istiqamətində ardıcıl işlər görülməkdədir.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində milli telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin yaradılması və inkişafı, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı mərkəzin yaradılması üzrə işlər artıq başlanılmışdır.
Turizmin inkişafı və mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədi ilə infrastrukturun genişləndirilməsi və müasir komplekslərin yaradılması sahəsində əhəmiyyətli işlər aparılmışıdır.
Sahibkarlığa dövlət dəstəyi, bu sahədə qanunvericilik sisteminin təkmilləşdirilməsi, sahibkarların beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi, inzibati prosedurların sadələşdirilməsi istiqamətində aparılan işlər qeyri-neft sektorunda mühüm rolu olan sahibkarlığın inkişafında uğurlu nəticələr əldə olunmasına və ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payının 85 faizə çatmasına səbəb olmuşdur. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı “Doing biznes 2010-cu il” hesabatında Azərbaycanda sahibkarlıq mühitinin sabit qiymətləndirilməsi, dünya iqtisadi forumunun hazırladığı “2009–2010-cu il üçün qlobal rəqabətlilik” hesabatında 133 ölkə arasında Azərbaycanın 18 pillə irəliləyərək 51-ci yerə yüksəlməsi deyilənlərə ən yaxşı sübutdur.
Hörmətli millət vəkilləri, qarşıdakı dövrdə qeyd olunan istiqamətlərdə işlərin daha da intensivləşdirilməsi, o cümlədən cari ilin aprel ayında Milli Məclis tərəfindən qəbul edilmiş “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna uyğun olaraq zəruri tədbirlərin görülməsi nəzərdə tutulur ki, bu da iqtisadiyyata xarici investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin cəlb olunmasına, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasına şərait yaradacaqdır. Bunlarla yanaşı, hazırda Milli Məclisdə baxılmaqda olan Rəqabət Məcəlləsinin qəbul edilməsi də sağlam rəqabət mühitinin daha da genişlənməsinə, ümumən, sahibkarlığın inkişafına öz təsirini göstərəcəkdir.
Hörmətli millət vəkilləri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin sərəncamına əsasən 2010-cu il və növbəti 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlanmışdır. Konsepsiya Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına, ölkə başçısının göstərişlərinə və irəli sürdüyü vəzifələrə, Nazirlər Kabinetinin qərar və sərəncamlarına uyğun tərtib edilmişdir. Konsepsiya və proqnozların hazırlanması prosesində 2008-ci ilin yekunları və ötən ilin sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən dünya ölkələri tərəfindən həyata keçirilən antiböhran tədbirləri, proteksionizm hallarının geniş yayılması, xarici bazarlarda tələbin azalması, neftin qiymətinin kəskin şəkildə dəyişməsi və digər bu kimi amillər nəzərə alınmışdır.
Azad rəqabətə əsaslanan liberal bazar iqtisadiyyatının formalaşdırılması, dövlət tənzimlənməsinin müasir metodlarının tətbiqi, ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafı, tam məşğulluğun, ətraf mühitin qorunmasının və nəticədə dayanıqlı iqtisadi inkişafın və əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi bu gün təqdim olunan konsepsiyanın başlıca məqsədi kimi müəyyən edilmişdir.
2010–2013-cü illər üçün əsas makroiqtisadi göstəricilər hazırlanarkən beynəlxalq maliyyə təşkilatlarının proqnozları təhlil edilmiş, onların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozları nəzərə alınmışdır. Onların proqnozları, bildiyiniz kimi, çox pozitivdir. 2010-cu il üçün Azərbaycanda ümumi daxili məhsulun artım tempinin Beynəlxalq Valyuta Fondu 7,4, Dünya Bankı 7,8, Avropa Yenidənqurma və İnkişaf Bankı 6, Asiya İnkişaf Bankı isə 6,7 faiz olmasını proqnozlaşdırırlar.
Müzakirə edilən əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması zamanı dünya iqtisadiyyatına dair birmənalı olmayan proqnozlar nəzərə alınaraq, konservativ yanaşma ilə neftin dünya bazar qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilmişdir ki, bu da, zənnimizcə, iqtisadiyyatda, o cümlədən büdcə xərclərində səmərəliliyin təmin olunmasına diqqətin daha da artırılmasını təmin edəcəkdir.
Proqnozlara görə ümumi daxili məhsul 2010-cu ildə real ifadədə 6,8 faiz artacaq və onun nominal dəyəri 31 milyard manat təşkil edəcəkdir. Neft sektoru 8,3, qeyri-neft sektoru isə 4,9 faiz artacaqdır. 2010-cu ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 4 faiz artaraq 10 milyard manata çatması proqnozlaşdırılır. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın neft sənayesinin dinamik inkişafı gələn il də davam edəcəkdir. 2010-cu ildə neft hasilatının 3 milyon tona, qaz hasilatının 27,2 milyard kubmetrə çatacağı proqnozlaşdırılıb. Ümumilikdə, gələn il sənayenin 7,8, o cümlədən qeyri-neft sənayesinin 2,4 faiz, kənd təsərrüfatının 4 faiz, nəqliyyatın 9,3 faiz, rabitənin 17 faiz, pərakəndə əmtəə dövriyyəsinin 7,1 faiz artacağı gözlənilir. Xidmət sahələrinin yüksək artımları bu sahələrdə olan mövcud potensialın reallaşdırılması nəzərə alınaraq proqnozlaşdırılmışdır.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində qəbul edilmiş qərarların həyata keçirilməsi 2010–2013-cü illərdə də əhalinin gəlirlərinin, orta aylıq əmək haqqının, pensiyaların artmasını təmin edəcəkdir. Əhalinin gəlirlərinin 2010-cu ildə 10 faiz artaraq 24 milyard manat, orta aylıq əmək haqqının 16,4 faiz artaraq 365 manat olacağı proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası gələn illər də davam edəcəkdir. Proqnozlara əsasən, 2010-cu ildə mallar üzrə xarici ticarət dövriyyəsinin 24 milyard dollar təşkil edəcəyi, təxminən 7,7 milyard dollarlıq müsbət saldonun təmin olunacağı gözlənilir.
2010-cu il üçün nəzərdə tutulmuş 3,6 milyard manat dövlət investisiyasının 88,2 faizi həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetləri nəzərə alınmaqla infrastruktur və sosial obyektlərin tikintisinə və ya bərpasına yönəldiləcəkdir. İqtisadi inkişafın mühüm amillərindən olan infrastruktur sahələrinə 2010-cu ildə 2,6 milyard manat, sosial sahələrin, ilk növbədə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı məqsədlərinə isə 574,3 milyon manatın yönəldilməsi nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi ölkənin iqtisadi potensialının güclənməsinə və əhalinin daha yüksək səviyyədə sosial xidmətlərlə təmin olunmasına, habelə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaqdır.
Ölkənin ödəmə qabiliyyətini təmin edən tədiyyə balansı üzrə müsbət meyillər 2010-cu ildə də davam edəcəkdir. Belə ki, tədiyyə balansının ümumi saldosunun 2010-cu il üçün də müsbət olaraq qalacağı və 1 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Orta müddətli dövr üçün əhalinin yaşayış minimumunun məbləğinə dair təkliflər də diqqətinizə təklif olunmuşdur. Yaşayış minimumuna yoxsulluq həddi nəzərə alınmaqla inflyasiyaya uyğun olaraq düzəliş edilmişdir. Belə ki, gələn il üçün yaşayış minimumunun 84 manatdan 87 manata qədər artırılması təklif olunur ki, bu da əhalinin həssas qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda, minimum sosial standartların yaşayış minimumuna nisbətinin proqnozları hazırlanarkən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bu standartların növbəti ildə mərhələlərlə artırılaraq yaşayış minimumuna çatdırılması nəzərdə tutulmuşdur.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyini, ictimai-siyasi, makroiqtisadi sabitliyi daha da möhkəmləndirən, iqtisadiyyatın bütün sahələrində islahatları sistemli və ardıcıl surətdə davam etdirən ölkəmiz 2010–2013-cü illərdə də davamlı iqtisadi inkişafını və bunun əsasında ölkə vətəndaşlarının layiqli yaşayış səviyyəsini təmin edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Sevinc xanım. Söz verilir Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova.
E. Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, həmkarlar, xanımlar və cənablar! 2010-cu ilin iqtisadi siyasətinin əsas istiqamətlərinin müzakirəsi ilə büdcə-vergi siyasətinin, pul-kredit, valyuta siyasətinin, struktur siyasətinin əsas istiqamətlərinin müzakirəsinə start verilir. Bu müzakirə başlıca olaraq 2009-cu ilin sosial-iqtisadi yekunlarının dəqiq, düzgün qiymətləndirilməsinə söykənməlidir. 2009-cu il sıradan olan adi illərdən biri deyil. Bu il ümumdünya maliyyə-iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına, milli iqtisadiyyatımıza tammiqyaslı təsir ili olaraq tariximizdə qalacaqdır. Bu təsirin əsas nəticələri bu gün nədən ibarətdir? Möhtərəm Prezidentimizin dediyi sınaq saatı Azərbaycan üçün nə olmuşdur, hansı nəticələr vermişdir və bu nəticələri aradan qaldırmaq üçün 2010-cu ildə milli iqtisadiyyatımızda hansı işlər görülməlidir? Bütün bu suallar bu gün olduqca ciddi maraq doğurur.
Azərbaycan iqtisadiyyatı böhrana olduqca böyük immunitet nümayiş etdirmişdir. Bu gün beynəlxalq ekspertlər, beynəlxalq təşkilatlar Azərbaycanı ümumdünya böhranının neqativ təsirinə ən az məruz qalan ölkələrdən biri kimi qiymətləndirirlər. Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycan ilk növbədə bu böhrana olduqca yaxşı hazırlaşmışdır və bu, son 6 il ərzində bir tərəfdən həyata keçirilən cəsarətli iqtisadi siyasət, misli görünməmiş iqtisadi addım, dünyada liderlik, digər tərəfdən isə konservativ siyasət olaraq böyük həcmdə valyuta ehtiyatlarının yaradılması, xarici borc və digər fundamental dayanıqlıq amilləri ilə şərtlənmişdir. Bu, imkan vermişdir ki, son 6 ildə Azərbaycan iqtisadi inkişaf sahəsində sosial istehsal infrastrukturunun qaydaya salınması, onun yüksək standartlara uyğunlaşdırılması ilə yanaşı, həm də bütövlükdə ehtiyatlı siyasət həyata keçirsin və böhrana tam şəkildə hazır olsun.
Bu maliyyə yastığı hesabına iqtisadiyyatın likvidə olan ehtiyacları vaxtında ödənilmiş, manatın məzənnəsi və bank sisteminin sabitliyi qorunmuş, optimal iqtisadi artım templəri təmin olunmuşdur. Əgər bu gün Azərbaycan makroiqtisadiyyatına baxsaq, onun zəif yerini tapmaq olduqca çətindir. Dünya ölkələrini, o cümlədən də postsovet dövlətlərini dərin iqtisadi resessiya bürüdüyü halda, bu gün Azərbaycan iqtisadiyyatında 6 faizdən yuxarı iqtisadi artım var. Azərbaycan iqtisadiyyatının 2009-cu il proqnozu beynəlxalq təşkilatlar tərəfindən 7-7,5 faiz həcmində qiymətləndirilir.
Makroiqtisadiyyatı xarakterizə edən digər vacib bir göstərici inflyasiyanın səviyyəsidir. Bizim əsas ticarət tərəfdaşlarımız da, dünyanın bir çox ölkələri də inflyasiyanın təsiri altındadır. Biz bilirik ki, ötən illərdə də Azərbaycanda inflyasiya baş verirdi, amma ayrı-ayrı dövlətlərdə bu, 20 faizdən də yuxarı qalxmışdı. Bu gün Azərbaycanda orta illik inflyasiya 2 faizdən bir qədər çoxdur. Böhranın təsiri ilə bir çox ölkələrdə milli valyutalar dərin devalvasiyaya uğramışdır, amma bu gün Azərbaycan manatı ABŞ dollarına nisbətən 0,3 faiz ucuzlaşmışdır, sabit qalmışdır. Bütövlükdə manatın dəyəri bütün ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən təxminən 1 faiz səviyyəsində möhkəmlənmişdir. Bu onu göstərir ki, ticarət tərəfdaşımız olan bir çox ölkələrə nisbətən Azərbaycan valyutası sabitdir. Cənab Prezident öz çıxışlarında manatın sabitliyinin əsas məqamlarını dəfələrlə açıqlayıbdır. Bu, imkan vermişdi ki, bütövlükdə büdcə, əhalinin gəlirləri sabitləşən bir dövrdə biz həm əhalinin əmanətlərinin sabitliyini, dəyərini, həm də gəlirlərini qoruyaq.
Böhran dövründə ölkə iqtisadiyyatının xarici sektoruna diqqət edək. Biz bilirik ki, müəyyən bir dövrdə neftin qiyməti və qeyri-neft sektorundan ixrac olunan bir sıra xammalların, məhsulların dəyəri aşağı düşdü. Bütövlükdə 6 ayın yekunları bu gün məlumdur, 4,4 milyard dollar həcmində bizim xarici tədiyyə balansının profisiti var. Bunun birinci rübə nisbətən ikinci rübdə 1,5 dəfə artdığını görürük. Bütövlükdə isə ilin yekunlarına görə biz Azərbaycanın xarici tədiyyə balansının 9-10 milyard həcmində profisitini və təbii olaraq, valyuta ehtiyatlarının artımını görürük. Böhrana məruz qalan bir ölkə olaraq Azərbaycan ilin əvvəlinə olan valyuta ehtiyatlarını nəinki itirməmiş, hətta 1 milyard dollardan çox artırmışdır. İlin sonuna biz valyuta ehtiyatlarımızın 20 milyard ABŞ dollarını ötüb keçməsini gözləyirik. Bu o deməkdir ki, təxminən belə bir rəqəmə çevirsək, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin idxala olan tələbatını iki ildən çox fasiləsiz olaraq ödəməyə qadirdir.
Böhran dövründə Mərkəzi Bank çox aktiv pul-kredit siyasəti həyata keçirmişdir. Artıq burada qeyd olundu, Milli Məclis tərəfindən “Mərkəzi Bank haqqında” Qanuna bir sıra dəyişiklik edilmişdir. Bu dəyişikliklərdən biz fəal şəkildə istifadə etmişik. “Meqorequlyator” deyilən bir anlayış var. Yəni Mərkəzi Bank yalnız öz funksiyası olaraq bank sektorunu deyil, həm də iqtisadiyyatın sistem xarakterli müəssisələrini sabitləşdirməyə çalışmışdır. Biz sistem xarakterli iri dövlət müəssisəsinə, – Dövlət Neft Şirkətindən söhbət gedir, – ciddi maliyyə dəstəyi vermişik. Biz həm də bir sıra sistem xarakterli banklara dəstək vermişik, xarici borcun ödənilməsində onlara yardım göstərmişik. Bütövlükdə iqtisadiyyatın sabitləşməsinə xidmət etmişik və bu gün bu proses davam edir. Biz bir sıra sistem xarakterli dövlət müəssisələrinə, həm də dövlət banklarına yardım göstərilməsi proqramı üzərində çalışırıq.
Bütövlükdə Mərkəzi Bank uçot dərəcəsini 3 dəfə dəyişərək, 15 faizdən 2 faizə endirmişdir. 2008-ci ilin oktyabrından bəri iqtisadiyyata 1,4 milyard manata qədər vəsait verilmişdir. Bu o deməkdir ki, Mərkəzi Bank iqtisadiyyata ümumi daxili məhsulun 6 faizi həcmində likvidlik dəstəyi vermişdir. Mən qeyd elədim ki, vəsaitin əhəmiyyətli bir hissəsi real iqtisadiyyata yönəlmiş, bütövlükdə iqtisadiyyatın sabitləşməsində əhəmiyyətli rol oynamışdır. Pul-kredit göstəricilərinin kəskin azalmasının qarşısı alınmış və böhranın təsiri altında birinci rübdə bizdə pul təklifi azalmağa doğru getmişdir. Bütövlükdə isə biz son iki rüb ərzində pul kütləsinin 12 faiz artmasına nail olmuşuq.
Biz tikinti bazarında olan situasiyanı nəzərə alaraq cari ilin iyun ayının birindən ipoteka sistemini bərpa eləməyə nail olduq. Bugünkü ipoteka sisteminin çox az bir hissəsi büdcədən verilən və güzəştli təbəqə üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir, böyük bir hissəsi isə maliyyə bazarlarından götürülən vəsait hesabına həyata keçirilir. Bu günə 61 milyon manatdan çox ipoteka krediti verilmişdir. 1400-dən çox adam, o cümlədən güzəştli təbəqədən 150 nəfər ipoteka krediti almışdır. İpoteka kreditləşməsi vasitəsilə biz nəyə nail olmuşuq? İlin birinci yarısında tikinti-əmlak bazarında qiymətlərin 15 faizə qədər düşməsi müşahidə olunurdu. Biz ilin ikinci yarısından başlayaraq ipoteka kreditləşməsi vasitəsilə əmlak bazarında qiymətlərin aşağı düşməsinin qarşısını aldıq. Bu ona görə vacib idi ki, ölkədə fond bazarının əhəmiyyətli dərəcədə inkişaf etmədiyi bir şəraitdə ölkə əhalisinin və investorların əhəmiyyətli bir hissəsinin vəsaiti məhz tikinti, mənzil bazarında idi. Biz bu bazarda insanların və investorların gəlirlərinin itirilməsinin qarşısını aldıq. Əhalinin hər bir üzvünün mənzili var və onun qiymətinin aşağı düşməsi o deməkdir ki, əhali daha da kasıblaşır. Əhalinin əlində olan ən mühüm kütləvi aktivlərdən biri onların mənzilləridir. İpoteka kreditlərinin verilməsi prosesi ilin sonuna kimi davam etdiriləcəkdir.
Bilirsiniz ki, dünya maliyyə böhranının ən mühüm təsirlərindən biri maliyyə sektoruna olubdur. Biz dünyada çox ciddi maliyyə sarsıntılarının, iri bankların çökməsinin, müflis olmasının şahidi olduq. Təbii ki, böhran Azərbaycanın bank sektoruna da əhəmiyyətli təsir göstərmişdir. Bu təsirin əsas kanallarından biri ondan ibarət idi ki, böhrandan öncə Azərbaycan bankları onlara olan etibardan istifadə edərək, dünya maliyyə bazarlarından əhəmiyyətli həcmdə – 2,5 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsində vəsait cəlb etmişdilər. Bildiyiniz kimi, bu vəsaitlə iqtisadiyyatın və əhalinin aktiv kreditləşməsi baş verirdi. Təbii ki, belə bir şəraitdə birinci, bu vəsaitlərin verilməsi dayandırıldı. Dünya maliyyə bazarlarında bir neçə ayın ərzində bu vəsait yoxa çıxdı. Digər tərəfdən isə, təbii ki, o vəsaitlərin bir hissəsi geriyə qaytarılmalıdır. Bizim bank sistemi bu problemlə üzləşdi. Bu günə kimi bank sektoru bu vəsaitin təxminən 1,5 milyard dollarını geriyə qaytarmışdır. Bu gün Azərbaycan iqtisadiyyatında öz xarici öhdəliyini və hətta daxili öhdəliyini ödəməyən bir bank da yoxdur.
Bütövlükdə bank sistemi böhrana qarşı əhəmiyyətli immunitet nümayiş etdirmişdir. Əgər birinci rübdə bank sektorunun müəyyən göstəriciləri aşağı düşməyə başlamışdısa, artıq ikinci rübdən bank sektoru öz işini bərpa etməyə başlamışdır. Ötən 9 ayda bankların aktivləri 5 faizə qədər, real sektora kreditlər 8 faiz, əhalinin əmanətləri isə 11 faiz artmışdır. Verilən kreditlərin 72 faizindən çoxunu uzunmüddətli kreditlər təşkil edir. Gördüyünüz kimi, hətta böhran şəraitində də banklar aktiv olaraq iqtisadiyyatı kreditləşdirməyə davam edirlər.
Bankların stabilliyinin təmin olunmasında Milli Məclis tərəfindən əhalinin sığorta olunan əmanətlərinin məbləğinin 5 dəfə artırılması olduqca əhəmiyyətli rol oynamışdır. Bu vəsaitin məbləği təxminən 6 min manatdan 30 min manata qədər artmışdır. Bu o deməkdir ki, bu gün əhalinin Azərbaycan banklarında olan əmanətlərinin 80 faizi sığorta sistemi ilə əhatə olunmuşdur. Təbii ki, belə bir şəraitdə banklar aktiv olaraq öz əmanət-depozit siyasətini həyata keçirə bilirlər. Hətta böhran dövründə əmanətlərin 11 faiz artması Azərbaycan əhalisinin Azərbaycan bank sisteminə olan etibarının pozulmadığını göstərir.
2010-cu ilin əsas vəzifələri. Böhrandan az təsirlənən Azərbaycan iqtisadiyyatı, təbii ki, 2010-cu ildə böhranın bütün nəticələrini aradan qaldırmağı və böhrandan öncəki iqtisadi artımı, dinamikanı bərpa etməyi öz qarşısına məqsəd qoyur. Bu məqsəddə əsas məna ondan ibarətdir ki, Azərbaycan cənab Prezidentin başçılığı altında orta gəlirli bir ölkə statusuna doğru inamla irəliləyir. Manatın paritet qiymətlərində bu gün Azərbaycanda adambaşına düşən daxili məhsul 7 min Amerika Birləşmiş Ştatları dollarıdır. Bu, artıq orta gəlirli dövlətin aşağı pilləsidir. Bunun orta, yuxarı pilləsi var. Azərbaycanın qarşısında duran əsas məsələ yaxın strateji dövrdə, 6–7 ildə yuxarı pillədə yerləşən orta gəlirli dövlət statusuna nail olmaqdır.
Bu gün müzakirə olunan başlıca məsələyə – dövlət büdcəsinin layihəsinə öz münasibətimi bildirmək istərdim. Hesab edirəm ki, büdcə layihəsi 2010-cu ilin başlıca məqsədinə, böhranın təsirlərinin tam aradan qaldırılmasına yönəldilmişdir. Büdcə yaxşı mənada konservativdir. Gəlirlərin, xərclərin səviyyəsi, başlıca makroiqtisadi parametr olan neftin qiyməti konservativ olaraq qiymətləndirilmişdir. Bu o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi tam şəkildə dayanıqlıq modelinə gedir. Yəni tam şəkildə neftdən asılılığın qarşısının alınması, sabitləşdirilməsi və dayanıqlıq problemlərinin həll olunmasına yönəldilibdir. 12 milyard dollardan yuxarı olan Azərbaycan büdcəsinin həcmi çox geniş masştablı sosial-iqtisadi vəzifələrin həyata keçirilməsinə imkan verir. Mən hesab edirəm ki, dövlət büdcəsi ölkədə makroiqtisadi dayanıqlığın və makroiqtisadi sabitliyin təmin olunmasında çox mühüm rol oynayacaqdır.
Ziyad müəllim də öz çıxışında buna toxundu, büdcə kəsirinə konservativ yanaşmaq lazımdır. Neftin qiymətləri konservativ olduğuna görə, hesab edirəm, büdcənin reallaşması prosesinin özündə bu kəsirin kompensasiya olunması üçün kifayət qədər ehtiyat mənbələri axtarmaq mümkündür. Hesab edirəm ki, fiskal orqanlar bu vəzifənin də öhdəsindən gələ biləcəklər.
Əgər pul-kredit siyasətinə gəlsək, burada da başlıca məqsəd ölkədə makroiqtisadi sabitliyin qorunmasıdır. Artıq qeyd olunduğu kimi, 2010-cu ildə Azərbaycanda aşağı inflyasiyanın müdafiə olunması dövrü olacaqdır. Makroiqtisadi sabitlik, aşağı inflyasiya, manatın məzənnəsinin sabitliyi qorunub saxlanacaqdır və bunun üçün kifayət qədər imkanlar var. Aktiv olaraq müəyyən dairələrdə, mediada manatın məzənnəsinin ucuzlaşdırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi mövzusu müzakirə olunur. Biz hesab edirik ki, cari siyasətdə və bugünkü formalaşmış makroiqtisadi və mikroiqtisadi amillər kombinasiyasında manatın məzənnəsinin dəyişməsinə heç bir ehtiyac yoxdur. Cənab Prezidentin qeyd elədiyi kimi, o, ölkə iqtisadiyyatının sabitliyinin ən başlıca lövbəridir və ölkənin sabit iqtisadiyyat imicinin ən mühüm komponentlərindən biridir.
Mərkəzi Bank olaraq qeyd edə bilərik ki, 2010-cu ildə də ölkə iqtisadiyyatının və manatın sabitliyinin qorunması istiqamətində bütün işlər görüləcəkdir. İqtisadiyyata aktiv likvidlik dəstəkliyi verilməsi davam etdiriləcəkdir və biz yeni qanunumuzdan irəli gələn imkanlardan tam şəkildə istifadə edəcəyik. Biz hesab edirik ki, 2010-cu ildə də iqtisadiyyatın qeyri-neft sektorunun likvidliyə olan tələbatı kifayət qədər yüksək olacaqdır. Lakin Mərkəzi Bank bunu bütövlükdə manatın sabitliyi, inflyasiyanın aşağı səviyyədə saxlanılması məqsədləri və məhdudiyyətləri çərçivəsində həyata keçirməlidir, çünki “Mərkəzi Bank haqqında” Qanunla bu bizim başlıca mandatımızdır və biz başlıca orqan olaraq ölkədə iqtisadiyyatın sabitliyinə xidmət edirik.
O ki qaldı bank sektoruna, bütün dünya iqtisadiyyatında gedən başlıca proseslərdən biri – 20-liyin son toplantısı da qeyd olundu. Əsas məqsədlərdən biri böhranın nəticələrinin aradan qaldırılması kontekstində maliyyə sektorunun işinin tam bərpasıdır. Çünki maliyyə sektoru işləmədən real iqtisadiyyatda artıma nail olmaq mümkün deyil və bizim də başlıca vəzifələrimizdən biri Azərbaycanda bank sektorunun tam gücü ilə işə düşməsinə yardım göstərməkdir. Bu istiqamətdə büdcədə də bir sıra tədbirlər görülübdür. Bildiyiniz kimi, güzəştli ipoteka kreditləri, Sahibkarlara Yardım Fondunun vəsaitləri bank sektoru vasitəsilə verilir. O cümlədən Mərkəzi Bank olaraq iqtisadiyyata bank sektoru vasitəsilə likvidlik dəstəyi vermək fikrindəyik. Bu zaman biz aşağı inflyasiya, sabit məzənnə siyasəti vasitəsilə faizlərin aşağı düşməsi meylini də müdafiə edəcəyik ki, ucuz kreditlər ala bilsinlər. Biz bunun nəticəsində iqtisadiyyatın və büdcə gəlirlərinin şaxələnməsinə nail olmalıyıq. Biz büdcəmizin dayanıqlı olmasını istəyiriksə, hökmən büdcənin içində də gəlirlərin daha çox qeyri-neft sektoruna dayanmasına nail olmalıyıq. Mən cənab Prezidentin yanında keçirilən toplantıların birində demişdim ki, böhran zəiflərin qiymətləndirilməsi dövrüdür. Böhran dövrü onu göstərdi ki, Azərbaycan iqtisadiyyatının zəif yerləri çox azdır. Təbii ki, müəyyən problemlərimiz var, onu göstərdi. Bütün bu nəticələrə söykənərək demişdim ki, Azərbaycan iqtisadiyyatı iqtisadi tariximizdə olan üçüncü böhrandan da güclü şəkildə çıxacaq və bu gün bu, göz qabağındadır. Bu güc ilk növbədə bütün dünyaya göstərdiyimiz Azərbaycan iqtisadiyyatının dayanıqlığı ilə bağlı idi. Hesab edirəm ki, 2010-cu il iqtisadi artım, iqtisadi yüksəliş, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, yoxsulluq probleminin həlli istiqamətində irəli atılan daha əhəmiyyətli addımlar kontekstində Azərbaycan iqtisadiyyatının gücünü bir daha sübut edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Hesablama Palatası çox sanballı bir rəy hazırlamış, büdcəni çox gözəl təhlil eləmişdir. Mən hesab edirəm ki, tənəffüsdən sonra bu təhlilə qulaq asıb, müzakirələrə keçərik. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Hesablama Palatasının sədri hörmətli Heydər Əsədova söz verilir.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli qonaqlar! Bu gün burada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadi strategiyasının həyata keçirilməsi istiqamətində mühüm bir addım olacaq büdcə zərfinin müzakirəsinə start verilmişdir. Məndən öncə çıxış edən məruzəçilər büdcənin tərtibi, ümumiqtisadi baza, makroiqtisadi mühit, büdcənin parametrləri və eləcə də əldə edilmiş nailiyyətlər barədə geniş məlumatlar verdilər. Eyni zamanda, Hesablama Palatası da özünün rəsmi rəyində büdcəni hərtərəfli, müxtəlif aspektlərdə təhlil edərək hörmətli millət vəkillərinə təqdim etdiyindən mən yalnız palatanın funksional vəzifələrinə uyğun olaraq büdcə layihəsinin qlobal iqtisadi, hətta deyərdim, nəzər tərəflərinə və eləcə də millət vəkillərini düşündürən, onlarda sual yaradan və bu gün mətbuatda müzakirə olunan bəzi aspektlərinə geniş şəkildə toxunmaq istərdim.
Hər şeydən əvvəl mən büdcənin tərtibi üçün bu gün mövcud olan və gələcəkdə proqnozlaşdırılan qlobal iqtisadi mühit haqqında qısaca məlumat vermək istərdim. Məlum olduğu kimi, artıq böhran bir neçə rübdür, ümumi xarakter almış və onun gələcək fəsadları barədə müxtəlif fikirlər mövcuddur. Məruzəçilər qeyd etdilər, beynəlxalq maliyyə qurumları, o cümlədən də bir sıra iqtisadçılar artıq növbəti ildən etibarən ressesiyaya son qoyulacağı və yeni canlanma başlayacağı haqqında optimist fikirlər irəli sürürlər. Hətta Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi mötəbər təşkilatlar da belə optimist fikirlərlə çıxış edirlər. Amma buna baxmayaraq, heç bir beynəlxalq təşkilat və tanınmış nüfuzlu iqtisadçılar iqtisadiyyatın bütün risklərdən azad olunması barədə zəmanət vermirlər.
Bu yaxınlarda tanınmış “Baclays Capital”-ın apardığı tədqiqatlara görə artıq bir sıra iqtisadçılar o fikirdədirlər ki, iqtisadi inkişaf trayektoriyası “V” hərfi ilə, yəni enmə, qalxma trayektoriyası ilə deyil, W, yəni enmə, qalxma, yenidən enmə, qalxma trayektoriyası üzrə hərəkət edəcəkdir. Hətta bəzi iqtisadçılar daha pessimist mövqe tutaraq böhranın orta, hətta uzunmüddətli davamiyyətləri olacağı barədə fikirlər səsləndirməkdədirlər.
Bundan başqa, büdcənin tərtibi üçün ən mühüm amillərdən biri olan neftin qiyməti də çox geniş diskussiya obyektidir. Siz bilirsiniz, neftin qiyməti 100–120 dollar olanda iqtisadçılar, adətən, optimist mövqe tuturdular və bu qiymətin 200 dollara qədər və daha yuxarı qalxacağı barədə proqnozlar verirdilər. Yaxud əksinə, neftin qiyməti 50–60 dollara enəndə çox pessimist fikirlər söyləyirlər və deyirlər ki, bu, 20–30 dollara enəcək.
Mən bunları niyə deyirəm? Büdcə həm qlobal makroiqtisadi mühit, həm də qiymət konyunkturası, qeyri-müəyyənlik şəraitində tərtib olunur. Ona görə də, təbii ki, bu büdcənin tərtibi zamanı hökumət dünyada mövcud olan bu iqtisadi çağırışlara adekvat reaksiya verməli və Azərbaycan büdcəsinin gəlirlərində xüsusi yer tutan neftin qiyməti bəlli olmadığı üçün bir sahədən gələn gəliri qiymət konyunkturasında mütləq nəzərə almalı idi. Eləcə də büdcənin konstruksiyası elə qurulmalı idi ki, büdcədən daxilolmalar, hətta az daxilolmalar şəraitində onunla manevr etmək, zəruri xərcləri bağlamaq mümkün olsun. Hesablama Palatasının fikrincə, 4-cü əsas şərt – bu büdcə maliyyə təminatı olmayan ikinci və üçüncü dərəcəli xərclərdən azad olmalı idi. Hesablama Palatasının rəsmi rəyində də bu belə qeyd olunub.
Dövlət büdcəsi, yuxarıda qeyd etdiyimiz kimi, dünyanın iqtisadi çağırışlarına, əsasən, cavab verir. Daha doğrusu, birinci, hökumətin tərtib etdiyi büdcə əsaslandırılmamış optimizmdən çox uzaqdır. İkinci, pis ssenariyə hazır, səliqəli və konservativ fəaliyyətə rəvac verən bir büdcədir. Bu büdcə nəinki dediyimiz amilləri özündə əks etdirir, həm də makroiqtisadi sosial sabitliyi saxlamağa və eləcə də prioritet xərcləri həyata keçirməyə imkan verir. Həqiqətən də, bu büdcəni tərtib edərkən hökumət bir daha iqtisadi inkişafa dair özünün baza prinsiplərini dəyişməyəcəyini, eləcə də dövlətin sosial öhdəliklərinə sadiq qalacağını, sosial standartları qoruyub saxlayacağını, – mən burada həm də enerji daşıyıcılarının qiymətlərini nəzərdə tuturam, – və büdcənin prioritet hədəflərindən imtina etməyəcəyini bir daha bəyan edir. Hətta mən deyərdim ki, bu prioritetlər saxlanılmaqla bərabər, fiziki şəxslərdən tutulan gəlir vergisinin 35 faizdən 30 faizə endirilməsi, bankların, sığorta təşkilatlarının nizamnamə kapitalının artırılmasına yönələn mənfəətin vergidən azad edilməsi, kənd təsərrüfatında güzəştlərin müddətinin uzadılması və sair bu kimi yeni addımlar da atılmışdır.
Büdcənin daha mühüm məziyyətlərini xarakterizə edən hallardan biri də dediyim prioritetləri qoruyub saxlamaqla yanaşı, onda yeni çalarların da müşahidə olunmasıdır. Belə ki, ilk dəfə olaraq bu büdcədə artıq innovasiya xarakterli və iqtisadiyyatın diversifikasiyasını həyata keçirməyə rəvac verən tədbirlərin həyata keçirilməsi simptomları açıqca hiss olunmaqdadır. Göstərilənləri nəzərə alaraq Hesablama Palatası belə hesab etmişdir ki, bu büdcə ümumi tələblərə cavab verir. Hesablama Palatası özünün rəsmi rəyində də bu büdcəyə səs verilməsi mövqeyində durur.
Bundan başqa, Hesablama Palatası bir sıra məsələlərə də özünün rəsmi mövqeyini bildirmək istəyir. Bəzən mətbuatda qeyd olunur ki, büdcə çox azaldılır və bu, müəyyən problemlər yaradacaqdır. Buna da palata öz mövqeyini bildirib. Hər şeydən əvvəl sosial xərcləri qeyd edirsiniz. Öndə olan sosial xərclər azaldılmayıb, əksinə, keçən ilə nisbətən sosial təminat xərclərində 1,8 faiz artım açıqca müşahidə olunur. Müdafiə xərcləri az da olsa, artımla planlaşdırılır. Mən konkret rəqəmləri demirəm, incəsənət, mədəniyyət və eləcə də turizm və idman xərcləri dəyişməz olaraq qalıb. Yalnız təhsil, səhiyyə və elm xərclərində 5-6 faiz civarında azalmalar müşahidə olunur. Amma bizim fikrimizcə, bu, əsasən, icraya nəzərən deyil, proqnoza nəzərən azalmalardır. Əgər nəzərə alsaq ki, cari ilin büdcəsinin 80-85 faiz səviyyəsində icrası gözlənilir, onda aydın olur ki, növbəti il üçün həm təhsil, həm də səhiyyə üçün müəyyən edilmiş büdcə bu ilin icraatından 10-15 faiz artıq olacaqdır.
Bununla bərabər, digər bir məsələyə də münasibətimizi bildirmək istərdik. Sahibkarlığa ayrılan vəsaitin həcminin azlığı daha çox müzakirə olunur. Dövlət büdcəsində sahibkarlığa növbəti il üçün 44 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2009-cu ildən sadə fərqlənmə ilə 30 milyon manat azdır. Amma nəzərə alsaq ki, artıq sahibkarlıq fondunda 432 milyon manat kredit portfeli mövcuddur və gələn il onun hesabına 50–55 milyon manat vəsaitin geri qaytarılaraq revolver şəkildə istifadəsi gözlənilir, onda sahibkarlığın yalnız növbəti ildə istifadə edəcəyi kredit portfelinin artıq olacağı bu ildən görünür.
İpoteka fondunda da vəziyyət eynidir. Yəni burada da vəsaitin mütləq həcmdə azalmasına baxmayaraq, artıq bazarda yeni seqmentlərin, ipoteka kağızlarının yerləşdirilməsi, bankların özlərinin daxili resurslarından istifadə edilməsi növbəti ildə daha çox mənbələrə istinad etməyə şərait yaradacaqdır. Amma bütün bunlar onu deməyə imkan vermir ki, büdcə bolluqla xərclənə bilər. Əksinə, Hesablama Palatası belə hesab edir ki, növbəti ildə büdcə xərclərinin intensiv istifadəsinə xüsusi fikir verilməli və nəzarət tədbirlərinin əhəmiyyəti, əhatəsi və təsirliliyi daha da artırılmalıdır.
Bir neçə kəlmə də büdcənin kəsiri, borclanma limiti barədə demək istəyirəm. Büdcənin kəsiri digər illərə nisbətən artıqdır. Yəni ümumi daxili məhsulun 3,9 faizini təşkil edir. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, ümumiyyətlə, böhran olan dövrlərdə dövlət, hökumət həmişə dövriyyədə olan artıq pul kütləsinin xəzinəyə cəlb edilməsi və onun yenidən istehsalın inkişafına yönəldilməsi tədbirlərini mütləq və mütləq görməlidir. Bu baxımdan yanaşsaq, növbəti ildə hökumətin daxili və yaxud xarici bazarlarda planlaşdırdığı kağızların yerləşdirilməsindən əldə ediləcək vəsaitin həcminin artırılması normal qarşılanmalıdır.
İkinci bir normallıq burada haradan yaranır? Burada bəziləri də qeyd etdilər, neftin qiymətinə həddindən artıq mühafizəkar yanaşılması, yəni 45 dollar götürülməsi səbəbindən, çox ehtimal ki, neftin qiyməti daha yüksək olsa, neftdən əlavə gəlirlər daxil olsun və bunun hesabına büdcə kəsirinin müəyyən hissəsini bağlamaq mümkün olsun. Ümumiyyətlə, təcrübə göstərir ki, – böhran illərində ən çox istifadə olunan təcrübə bundan ibarətdir, – böhran illərində büdcəni daha çox pessimist etmək daha əlverişlidir, nəinki optimist. Çünki istənilən ilin yarısında və yaxud 9 ayında əlavə daxilolmalar hesabına büdcəyə yeni düzəlişlər vermək mümkündür, nəinki həddindən artıq optimist yanaşıb, maliyyə təminatı olmadan xərclər planlaşdırmaq və nəticədə dövlətin özünün sosial və digər öhdəliklərinin yerinə yetirilməsinə imkan verməmək.
Diqqəti cəlb edən növbəti məsələ büdcənin borclanma limitinin artırılmasıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikasında bir sıra tədbirlərlə banklarda likvidliyin qaldırılması, iqtisadiyyata dövlətin dəstək verməsi, iqtisadiyyatın stimullaşdırılması istiqamətində addımlar atılmışdır. Amma birbaşa köçürmələr, ayırmalar hesabına belə bir köməklik göstərilməmişdir. Bu böhran dediyimiz “W” trayektoriyasında davam edəcəyi təqdirdə dövlət istər-istəməz buna hazır olmalıdır. Təbii ki, belə bir halda dövlət daxili mənbələrlə yanaşı, həm daxili, həm də xarici borclanma limitinin və dövlət zəmanəti ilə götürülən kreditlərin həcminin artırılmasına getməlidir. Ona görə də Hesablama Palatası hesab edir ki, gələn il istər banklarda, istərsə də səhmdar cəmiyyətlərdə aktivlərin idarə edilməsi və yaxud likvidliyin pozulması prosesində hər hansı bir çətinlik yaranarsa, borclanma və zəmanət limitini artırmaqla bu vəziyyətdən çıxmaq mümkündür. Bunun da planlaşdırılmasını Hesablama Palatası normal hesab edir. Palata həmçinin özünün rəyində bütövlükdə büdcə prosesinin, büdcə qaydalarının tənzimlənməsi, ümumi işin nəticəliliyinin artırılması üçün onlarca təklif vermişdir. Həmin təkliflər hörmətli millət vəkillərinə paylandığından mən onların ətrafında dayanmaq istəmirəm. Yekun olaraq qeyd etmək istəyirəm ki, iqtisadi vəziyyətin belə qeyri-müəyyən olmasına baxmayaraq, biz hesab edirik, Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadi strategiyasını həyata keçirərək bu şəraitdən nəinki az xərclərlə çıxacaq, hətta fikrimizcə, rəqabətli bir ölkəyə çevriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, indi isə 2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Xahiş edirəm, yazılasınız. Buyursun Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Əgər əvvəlki illərin dövlət büdcələrinə nəzər yetirsək, görərik ki, bu büdcələr Azərbaycan Respublikasının sıçrayışlı iqtisadi inkişaf strategiyasına uyğun olub, belə bir iqtisadi siyasətin həyata keçirilməsinə xidmət edir. Amma 2010-cu ilin dövlət büdcəsinin hazırlandığı vaxt və onun əhatə edəcəyi dövr elə bir zamana təsadüf edir ki, bütün dünyanı qlobal iqtisadi böhran bürüyüb. Belə bir şəraitdə düşünürəm ki, büdcənin ən başlıca vəzifəsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurları qoruyub saxlamaq, habelə qlobal iqtisadi böhranın doğurduğu və doğura biləcəyi fəsadlara hazır olmaqdır. Mən düşünürəm ki, büdcə layihəsini tərtib edən insanlar bu vəzifənin öhdəsindən gələ biliblər.
Mən düşünürəm ki, büdcənin mühafizəkar xarakter daşıması bu gün işin xeyrinədir. Bu, qlobal iqtisadi böhranın dünyada formalaşdırdığı iqtisadi mühitin və Azərbaycanın bugünkü reallıqlardan irəli gəlir. Amma buna baxmayaraq, 2010-cu ilin dövlət büdcəsi əvvəlki illərdə olan prioritetləri də qoruyub saxlayıb. Mən düşünürəm ki, büdcə layihəsinin sosial yönümlü və investisiya tutumlu olması gələn ilin büdcəsini xarakterizə edən ən mühüm cəhətlərdəndir. Bununla yanaşı, ən böyük büdcə vəsaitinin təhsilə xərclənməsini də büdcə layihəsinin ən mühüm cəhətlərindən biri hesab etmək lazımdır. Burada təhsil üçün təxminən 1 milyard 277 milyon manat vəsait nəzərdə tutulub. Bu, respublikanın intellektual kapitalının Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirməsi səviyyəsində formalaşdırılması, onun daha da möhkəmləndirilməsi üçün təhsilin əvəzedilməz rolu ilə bağlıdır. Təhsilə qayğı və ona ən böyük büdcə vəsaitinin xərclənməsi Azərbaycan Respublikasının dövlət siyasətində təhsilin prioritet istiqamətlərdən biri olması ilə bağlıdır.
Mən başqa bir cəhəti də vurğulamaq istəyirəm. Əgər gələn ilin dövlət büdcəsinə fikir versək, görərik ki, Bakı şəhərini və Abşeron rayonunu çıxmaq şərti ilə regionların hamısı dövlət büdcəsindən ayırmalar hesabına öz mövcudluğunu davam etdirir. Mən düşünürəm ki, bu gün Gəncə, Sumqayıt, Şirvan və Mingəçevir kimi böyük sənaye şəhərlərinin gəlirlərinin xərclərini ödəyə bilməməsi iqtisadi baxımdan məqbul sayıla bilməz. Bu şəhərlərdə ələlxüsus ağır sənaye müəssisələri ya işləmir, ya da işləyirsə, tam gücü ilə işləmir, istehsal etdikləri məhsul rəqabət qabiliyyətli deyil. Mən düşünürəm ki, bu regionlarda sənayenin inkişaf etdirilməsi, həmin müəssisələrin işə salınması üçün ya bunlara güzəştli kreditlər verilməli, ya da bu rayonların dirçəldilməsi üçün ayrı bir plan hazırlanmalıdır. Bu ilk növbədə yeni iş yerlərinin açılması deməkdir. Bu, Bakı şəhərinə insan axınının qarşısının alınması üçün çox əhəmiyyətli bir tədbir olardı.
Bütün bunlarla yanaşı, düşünürəm ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında layihə bu gün dünyanı bürüyən qlobal böhranın doğurduğu və doğura biləcəyi fəsadlara dayanıqlı və Azərbaycanın gələn il stabil inkişafını təmin edə biləcək bir sənəddir. Odur ki, hörmətli həmkarlarımdan bu layihəyə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunmuş 2010-cu ilin dövlət büdcəsinin layihəsi, hesab edirəm ki, ölkəmizin sistemli inkişafına xidmət edəcək və onun möhkəm əsaslarını yaradacaq mühüm bir sənəddir. Bu sənəd 2010-cu il və sonrakı 3 il ərzində ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri əsasında bu illərdə göstərilən meyillər nəzərə alınmaqla tərtib olunmuşdur. 2010-cu ilin büdcə layihəsi ulu öndərimiz Heydər Əliyevin iqtisadi və social-siyasi strategiyasının həyata keçirilməsinin bariz sübutudur. Məhz bu strategiyanın həyata keçirilməsinin nəticəsidir ki, bütün dünyanı bürümüş qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına o qədər də ciddi təsir etməmişdir. Dünyanın əksər ölkələrində iqtisadiyyatın geriləməsi baş verdiyi halda, son altı ayın göstəricilərinə görə Azərbaycanda iqtisadiyyatın artım tempi 6,1 faiz təşkil etmişdir.
Büdcənin digər xarakterik cəhəti də onun sosial və investisiya yönümlülüyünün saxlanılmasıdır. Başqa müsbət cəhət gələn ilin büdcəsinin 39 faizinin konkret dövlət proqramları üzrə istifadəsi üçün nəzərdə tutulmasıdır ki, bu da ayrılan vəsaitlərin xərclənməsinin şəffaflığını təmin edəcək. Sosial sahə üçün kifayət qədər vəsait ayrılıb. Gələn il dövlət büdcəsinin, demək olar ki, 11 faizə qədəri bu sahəyə ayrılır.
Səhiyyə üçün 479 milyon manatdan artıq vəsait ayrılır. Ümumiyyətlə, son illər ölkədə həm təhsil, həm də səhiyyə sahələrində çox böyük işlər görülüb. Bu hamımızın gözü qarşısındadır. Şəkərli diabet, hemofiliya, talassemiya xəstələri üçün həyata keçirilən məqsədli proqramlar, layihələr, məktəblərin yeni texnologiya və avadanlıqla təchiz olunması, əlbəttə ki, hamımızın ürəyimizcə olan məsələlərdir.
Ayrıca olaraq elm haqqında danışmaq istərdim. 2010-cu ildə elm xərclərinə bütövlükdə 98 milyondan çox vəsait ayrılıb ki, onun da təqribən 70 faizi Milli Elmlər Akademiyası üçün nəzərdə tutulub. Bu o deməkdir ki, ölkəmizdə elmin inkişafına böyük diqqət yetirilir. Sosial-iqtisadi inkişafın əsas prioritetləri təqdim olunmuş büdcə layihəsində müəyyənləşib. O istiqamətlərdən biri də elmdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması bütün elmi ictimaiyyətin ürəyincə oldu. Bu fonda 7 milyon manat vəsait ayrılıb. Biz çox böyük ümidlər bəsləyirik ki, bu fonda ayrılan vəsaitlər hesabına Azərbaycan elminin sürətli inkişafı təmin olunacaq.
Mən burada bir məsələni də qeyd etmək istərdim. Məlumdur ki, məvaciblər hesablananda əmək haqqından vergi tutulur. 75 manata qədər maaş alanlardan vergi tutulmur, amma 75 manatdan sonrakı vəsaitdən 14 faiz tutulur. Elm sahəsində çalışan insanların məvacibləri o qədər də yüksək deyil. Onlar, adətən, 200–300 manat arasında məvacib alırlar. Bu vəsaitdən 14 faiz vergi tutulması bir qədər çoxdur. Mən elmi ictimaiyyətin xahişini çatdırmaq istərdim. Mümkündürsə, vergi dərəcələrinə bir daha baxılsın, aşağı məvacib alan insanların əmək haqlarından tutulan vergi dərəcəsi bir qədər azaldılsın.
Burada seçildiyim Bərdə rayonu haqqında danışmaq istərdim. Bərdədə çox böyük işlər görülüb. “Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı” çərçivəsində bir sıra yeni müəssisələr tikilib. Yeni binalar salınıb, diaqnostika mərkəzi tikilib, çoxsaylı abadlıq işləri aparılıb. O proqram 2004–2008-ci illər üçün nəzərdə tutulub. Bərdə ictimaiyyəti məndən xahiş elədi, nəzərinizə çatdırım ki, bu proqram çərçivəsində görülən işlər tamamlanmamış qalıb, çünki kifayət qədər vəsait ayrılmayıb. Bərdə şəhərinin hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri yerli əhali üçün çox vacibdir. Tərtər çayının sahilində mədəniyyət və istirahət parkının salınması nəzərdə tutulub ki, onu reallaşdırmaq hələ mümkün olmayıb.
5400 hektar sahədə qrunt sularının səviyyəsinin aşağı salınması məsələsi qoyulub. Torpaq zəhmətkeşlərə paylanıb, amma onlar həmin qrunt sularına görə orada əkin işləri apara bilmirlər. Yuxarı Qarabağ kanalı boyunca avtomobil yolunun tikintisi nəzərdə tutulmuşdu. Amma bu məsələ hələ də öz həllini gözləyir.
30 kilometrə qədər kəndarası yolların təmiri nəzərdə tutulmuşdu. Bu günə qədər 5 kilometr yol salınıb, amma 25 kilometr yol təmir edilməyib.
Bundan əlavə, bildiyiniz kimi, Bərdə şəhərində XIV əsrin çox unikal memarlıq abidəsi var. Buna Allah-Allah türbəsi də, Bərdə türbəsi də, Nüşabə qalası da deyirlər. Həmin o memarlıq abidəsinin təmiri məsələsi illərlə ləngidilir. Hələ II çağırış Azərbaycan Respublikası Milli Məclisinin iclaslarının birində mən o məsələni qaldırırdım, amma onun həlli mümkün olmadı. Mümkündürsə, bu məsələyə baxasınız, çünki bu bizim tariximizdir. Allah-Allah türbəsi o deməkdir ki, o türbənin üzərində həmin sözlər abidə boyunca yazılıb. Bu həm də bilavasitə ermənilərə cavabdır ki, burada müsəlman əhalisi yaşayıb. Bilirsiniz ki, onlar iddia edirlər ki, o torpaqlarda vaxtilə albanlar, daha sonra ermənilər yaşayıblar.
Sovet vaxtı Bərdədə min yerlik çox gözəl bir mədəniyyət evi tikilmişdi. Onun da təmiri məsələsi qarşıda durur. Cənab Prezident 2009-cu ildə Bərdədə olanda özü vurğuladı ki, Bərdədə çox gözəl mədəniyyət sarayı var, amma onu təmir eləmək lazımdır. Çünki çox gözəl bir binadır, onu təmir edib insanların istifadəsinə vermək çox yaxşı olardı.
Son illər Bərdənin özündə, kəndlərində sürətlə məktəb tikintisi gedir. Heydər Əliyev Fondu bu sahədə böyük işlər görüb. Amma bununla belə, seçicilərim məndən xahiş ediblər ki, bir istəklərini sizə çatdırım. Əlyanlı, Tumaslı, Qumlar və Şahvəllilər kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. Mövcud məktəblər yararsız haldadır. Bütövlükdə isə hesab edirəm ki, təqdim olunmuş büdcə layihəsi mövcud şərait, dünyada gedən iqtisadi proseslər üçün ən optimal variantda hazırlanıb və ölkəmizin növbəti mərhələdə inkişafını təmin edəcək. Mən bu layihənin lehinə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən əvvəlcə sizə xatırlatmaq istəyirəm ki, Bakı Dövlət Universitetinin 90 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, artıq iqtisadi sahədə keçid dövrü başa çatıb. Yəni bu o deməkdir ki, bizdə bazar iqtisadiyyatı tam bərqərar olub və keçid dövrü ilə bağlı bütün bəhanələr arxa planda saxlanılmalıdır. Ancaq təəssüf ki, bu gün təqdim olunan büdcə sənədində keçid dövrünün büdcəsinin xüsusiyyətləri tam şəkildə özünü əks etdirməkdədir. Yəni büdcə normal, oturuşmuş iqtisadi sistemdə bütün münasibətləri normal tənzimləyən bir büdcə kimi xarakterizə edilə bilməz. Bu, köklü islahatların yekunlaşdırılması sənədi kimi özünü ifadə edən bir təqdimata layiq deyil.
Əlbəttə, rəqəmlərin təsnifatından göründüyü kimi, bu, qənaət büdcəsidir, etiraf eləməsək də, iqtisadi böhranın fəsadlarını özündə əks etdirən büdcədir. Amma çox təəssüf ki, Azərbaycanda iqtisadiyyata ideoloji yanaşma o səviyyəyə çatıb ki, çox vaxt real vəziyyəti qiymətləndirmədə ifrata varırıq. İki il öncə daha böyük uğurların baş verəcəyindən danışıb, bu il büdcəni bu qədər böyük kəsirlə təqdim edirik. Bu o deməkdir ki, artıq ideoloji prizmadan iqtisadiyyata baxış dayandırılmalıdır. Artıq hamımız büdcə sənədinin, iqtisadi proseslərin, sahibkarlığın inkişafının, ölkədə iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri üzrə tənzimlənməsinin real mənzərəsini müzakirə edib, bir nəticəyə gəlməliyik. Kiminsə təqdim olunan sənədə qərəzli, ya qərəzsiz münasibətindən söhbət getmir. Söhbət ölkənin taleyindən gedir. Burada elə məsələlər var ki, artıq orada dönüş yaratmağa, məncə, ciddi ehtiyac var.
Bu büdcə layihəsi birinci növbədə dövlət orqanlarında ciddi struktur dəyişikliklərini, müəyyən idarə və nazirliklərin birləşdirilməsini, dövlət aparatında müəyyən ixtisarların həyata keçirilməsini, lazımsız investisiya layihələrinin, xüsusilə də nəqliyyat, əsaslı təmir, başqa istiqamətə yönələ və kölgə iqtisadiyyatına rəvac verə biləcək investisiya layihələrinin dayandırılmasını, həm də inflyasiyanın sürətlə artdığı şəraitdə vətəndaşın müəyyən dərəcədə təminatını həyata keçirə biləcək istiqamət götürməlidir. Amma diqqət edirsinizsə, burada nə maaşların, nə sosial ödənişlərin müəyyən əsaslı artımı nəzərdə tutulur, nə də yeni iş yerlərinin açılması planlaşdırılır. Belə bir vəziyyətdə birinci növbədə vətəndaşlar tərəfindən ipoteka kreditlərinin aylıq faizlərinin ödənilməsində ciddi problemlər yaranacaq.
İkinci, diqqət edirsinizsə, taxılın qiymətləri sürətlə bahalaşanda çörəyin qiymətinin qaldırılmasının müəyyən fəsadlar törədəcəyini nəzərə alaraq çəkisini azaltdılar, eyni qiymət qaldı. Amma daxili bazarda istehsal artdı, dünya bazarında kifayət qədər taxıl ehtiyatları oldu və qiymətlər müəyyən dərəcədə normal məcraya düşdü. Amma bizdə nə çəki azaldıldı, nə də qiymət aşağı düşdü. Bu o deməkdir ki, vətəndaşı düşünərək addım atılması siyasəti büdcə sənədi, yaxud da iqtisadi siyasətdə əsas kimi nəzərdə tutulmur. Bizdə bir şüar vardı: “Bir dəfə qalxan bayraq bir daha enməz”. İndi iqtisadiyyatda da bir şüar var ki, bir dəfə qalxan qiymət bir daha enməz. Nə vaxt bu proses vətəndaşın xeyrinə tənzimlənəcək? İnflyasiya baş götürüb getdiyi bir vaxtda, diqqət edirsinizsə, əməyin ödənilməsi fonduna büdcədən 173 milyon manat az vəsait ayrılır. Hesablama Palatasının rəyində də göstərilir ki, 103 faizlik inflyasiyada orta əmək haqqının 16 faiz artması müəyyən mənada sosial təzyiqlərin qarşısını alacaq. Əgər əmək haqqı fonduna bu qədər az vəsait ayrılırsa, bu hansı sosial təzyiqin qarşısını alacaq? Bu o deməkdir ki, bundan sonrakı fəaliyyətdə, ümumiyyətlə, vergi siyasətində və başqa məsələlərdə güclü islahatlar aparmaq lazımdır.
İstəyirəm, tarixdən bir faktı diqqətinizə çatdırım. Osmanlı tarixində XVI-XVII əsrlərdə vergini hər hansı bir evin, yaxud obyektin pəncərələrinin sayına görə müəyyən edirdilər. Vergi məbləği pəncərə sayına görə artırılırdı. Bizdə bir pəncərə evi yaranıb. Vergi sistemində elə bir şərait yaratmaq lazımdır ki, bu, həqiqətən, sahibkarlığın inkişafına ciddi stimul versin. Əlavə dəyər vergisinin aşağı endirilməsi vacibdir. Xüsusilə indiki şəraitdə yoxsul təbəqədən tutulan vergi aşağı endirilməlidir. Yaşayış minimumu səviyyəsində əmək haqqı alanlardan vergi tutulmasını azaltmaq lazımdır. Vətəndaşı inflyasiyaya əzdirməmə siyasəti yürüdülməlidir ki, bu büdcə layihəsinin daha real vəziyyəti əks etdirməsi mümkün olsun.
Regional disbalansdan tez-tez söhbət edirlər. Tez-tez deyirik ki, regionlarımız sürətlə inkişaf edir. Baxın rəqəmlərə. Mən vaxt az olduğuna görə konkret sadalamaq istəmirəm. Bakıdan başqa hansı bir rayonun gəlirləri ilə xərcləri arasında normal balans var? Nə qədər dövlət dotasiyası verilə bilər? Heç olmasa, nümunə üçün bir-iki regionu ortaya qoymaq mümkün deyil ki, bunun gəlirləri ilə xərcləri arasında normal balans yaransın. Hanı bəs bu inkişaf? Ona görə də məsələyə ideoloji prizmadan yox, daha çox iqtisadi parametrlərlə münasibət bildirmək vacibdir.
İnvestisiya xərcləri ilə bağlı danışmaq istəyirəm. Tez-tez bu məsələ ətrafında da müzakirələr gedir. Bildiyimiz kimi, investisiya layihələrinə 3,5 milyard dollar ayrılır. Bu, əsasən, nəqliyyata və bir sıra başqa sahələrə ayrılıb. Bunun 700 milyonu xarici kreditlər hesabına maliyyələşdirilirsə, bunu büdcədə əks etdirməyin nə mənası var? Hansı iqtisadi məntiqdən çıxış edərək belə bir rəqəmi burada ifadə edirlər?
Burada göstərilir ki, 9 ayın hesablamalarına görə xarici investisiyalar iki faiz azalıb. Neft sektorundan başqa hansı sahəyə xarici investisiya qoyulur? Parlamentdə dəfələrlə bunun səbəbini demişik. Özəl mülkiyyətin, xüsusi mülkiyyətin müqəddəsliyini anlamayaraq ekskavatoru qabağa verib kompensasiya ödəmədən onu sıradan çıxarırıqsa, nə dövlət büdcəsinə sahibkar vergi ödəyəcək, nə də ağlı başında olan xarici vətəndaş bu ölkəyə investisiya yatıracaqdır. Neft sektorundan başqa hansı sahəyə görkəmli bir investisiya yatırılıb? Bunu mən tənqid naminə eləmirəm, hesab edirəm ki, nəhayət, bu ölkədə iqtisadi parametrlərlə büdcə siyasətinin müəyyənləşməsinə gəlib çıxacağıq. İqtisadi parametrlərlə ölkənin gələcək inkişafı haqqında mülahizələr yürüdəcəyik və müzakirələr aparacağıq. Bu sosial yönümlü siyasətin yanlış olması, sahibkarlıqla bağlı proqramların səmərəsiz həyata keçirilməsi büdcədə özünü göstərir. Doğrudur, dövlət vəsait ayırır, verir. Son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin xətti ilə bölgələrdə çox işlər görülür, sahibkarlara da dəstək verilir, amma bütövlükdə bunun nəticə olaraq ortaya çıxmaması büdcə sənədində özünü göstərir. Artıq qeyri-neft sektorundan büdcəyə daxil olan vəsait də 600 milyon manat az proqnozlaşdırılır. Bu ciddi rəqəmdir, hesab edirəm, bunun üzərində hamımız əhatəli düşünməliyik ki, ölkənin bu çətin vəziyyətdən çıxması mümkün olsun.
Mən təhsilə, səhiyyəyə, müdafiəyə və başqa sahələrə ayrılan xərclərə populistcəsinə münasibət bildirmək istəmirəm. Demirəm ki, bu, azdır, ya çoxdur. Büdcəyə nəzarət mexanizminin kifayət qədər yetkin olmaması onsuz da kimin nəyi haraya, necə xərcləyəcəyinə nəzarət eləməyə imkan vermədiyi şəraitdə bunu qaldırsan nə olar, azaltsan nə olar? Yəni bunun bir əhəmiyyəti yoxdur. Amma bütövlükdə ortalığa çıxarmaq lazımdır ki, təhsilə, səhiyyəyə, sahibkarlığa ayrılan vəsaitin nəticəsi nədir? Hesab edirəm ki, bu nəticə ürəkaçan deyil. Mən ümid edirəm ki, hökumət bu tənqidlərdən nəticə çıxaracaq və büdcə layihəsində daha mükəmməl dəyişikliklər həyata keçiriləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İki millət vəkilinin sualı var. Hikmət Atayev.
H. Atayev. Oqtay müəllim, mən çıxışa yazılmaq istəyirdim, amma mikrofonum işləmirdi. Xahiş edirəm, bunu nəzərə alasınız.
Sədrlik edən. Bir dəqiqə qulaq asın. Kompüterin ilk dəfə cəmi 50 familiya götürmək imkanı var. Hər çıxışdan sonra bir nəfərin yeri boşalır, bir familiya əlavə olunur. Siz o siyahıda yoxsunuz. 50 nəfərin siyahısı buradadır. Görürsünüz, Arzu Səmədbəyli sual vermək istəyirdi ki, mənim mikrofonum birləşmir, artıq birləşdi. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri və mətbuat təmsilçiləri! Bu gün biz 2010-cu il üçün Azərbaycan Respublikasının dövlət büdcəsini müzakirə edirik. Büdcə elə bir böyük hadisədir ki, bunu tərifləyən də olacaq, tənqid edən də. Bu tərif və tənqidlərin içərisində obyektiv olanları da, olmayanları da olacaq. Bununla bərabər, mən demək istəyirəm ki, ölkəmizdə büdcə tərtib etməyin metodikası, elmi əsasları ildən-ilə daha da təkmilləşir və büdcənin iqtisadi göstəricilərlə möhkəmləndirilməsi faktı artıq tədricən reallığa çevrilir. Bu baxımdan 2010-cu il üçün hökumətin təqdim etdiyi büdcə dünyada gedən prosesləri və dünyada gedən proseslərin Azərbaycana təsirini bilavasitə nəzərə almaq üzərində qurulubdur.
2009-cu illə müqayisədə mən bu büdcəni daha çox ehtiyatlı, yaxud mühafizəkar büdcə hesab edərdim. Büdcədə bizə təqdim olunan rəqəmlər bütövlükdə 2010-cu il üçün Azərbaycan Respublikasının sosial-iqtisadi həyatını idarə etmək, tənzim etmək, təmin etmək üçün yetərlidir. Biz millət vəkilləri əhalimizin həm əmək haqqının, həm də pensiya təminatının daha yüksək səviyyədə olmasını arzulayırıq. Hər halda hökumət öz imkanları daxilində bir büdcə təqdim etdi ki, biz də onun müsbət və mənfi cəhətlərini müzakirə etməliyik.
Ümumən, büdcə yaxşı tərtib olunub. Dünyada gedən böhranı nəzərə alsaq, büdcə Azərbaycanın bu böhrandan sovuşdurulması istiqamətində müəyyən mexanizmləri özündə əks etdirir. Amma bununla bərabər, bizim bir sıra fikir və mülahizələrimiz var ki, bunu həm hörmətli millət vəkilləri, həm də hökumət üzvləri ilə bölüşməyi lazım bilirik. İlk növbədə mənə elə gəlir ki, Azərbaycan Respublikasının iqtisadi resurslarının dəyərləndirilməsində rəqəmlər real olanlardan bir qədər aşağı götürülməsəydi, biz büdcəni ötənilki səviyyədə saxlaya bilərdik. Azərbaycan Respublikası özünü dünyaya iqtisadi cəhətdən inkişaf edən ölkə kimi təqdim edir. Bu, rəqəmlərdə də öz əksini tapıb. Belə bir şəraitdə büdcənin 2 milyard manat həcmində azaldılması inkişaf edən dövlət imici ilə bir araya sığmır. Bu 2 milyardın tapılma ehtimalı da, tapılma yeri də var. Bu da neftin qiymətləri ilə bağlıdır.
Hörmətli hökumət üzvləri, əgər xatırlayırıqsa, ötən il neftin qiyməti 70 dollardan götürüləndə burada bir neçə millət vəkili əsaslandırmağa çalışdıq ki, dünyada gedən proseslər fonunda bu rəqəm bir qədər yüksək götürülüb. Amma bu il demək istəyirik ki, hökumətin neftin qiyməti ilə bağlı təqdim etdiyi rəqəm kifayət qədər aşağıdır. Bu gün dünya bazarında neftin qiyməti 79 dollar 43 sentdir. Belə bir şəraitdə qiymətin 45 dollar götürülməsi həddindən artıq aşağıdır. Hökumət üzvləri məndən inciməsinlər, burada bir az hökumət tərəfindən özünü sığortalama meyli var. Qiyməti aşağı götürəndə, gəlir çox gələndə bunu bölüşdürmək daha asandır.
Məndə narahatlıq doğuran məsələlərdən biri də büdcə kəsirinin ötən illə müqayisədə 7 dəfə artıq olmasıdır. Əlbəttə, bir-birinin ardınca gələn 2009 və 2010-cu illərdə büdcə kəsirləri arasında bir il ərzində bu qədər böyük fərqin yaranması elə də xoşagələn hadisə deyil. Yeri gəlmişkən, bu büdcə kəsirinin təxminən yarısı mənfəət neftindən daxilolmaların hesabınadır. Məsələn, ötən il biz büdcədə nəzərdə tutmuşduq ki, mənfəət neftindən 1 milyard 230 milyon manat vəsait daxil olacaq. Amma 9 ayın hesabatı göstərdi ki, daxil olan vəsaitin həcmi 210 milyon manatdan artıq deyil. Yəni neft konsorsiumunun yalnız 2009-cu ilin qalan 3 ayı üçün büdcəyə 1 milyard dollardan artıq borcu var. Aydın məsələdir ki, belə disbalansın olması elə də xoşagələn bir şey deyil.
İkinci, vəsait azalan sahələrə – təhsil, səhiyyə, elm, kənd təsərrüfatı, mədəniyyət xərclərinə toxunmaq istəyirəm. Bilirsiniz ki, vaxtilə rəhmətlik Heydər Əliyev belə bir maraqlı ifadə işlətmişdi: “Biz 100 il neft çıxardıq, bizi heç kəs tanımadı. Bir Rəşid Behbudov bizi bütün dünyaya tanıtdı”. Mən hökumət üzvlərindən xahiş edirəm, təhsilə, mədəniyyətə, elmə ayrılan vəsaitin azaldılması üzərində düşünməsinlər. Bu azalmalar narahatlıq doğurur. Məsələn, ötən illə müqayisədə təhsilə 5,6 faiz, səhiyyəyə 5,9 faiz, elmə 7,5 faiz, mədəniyyətə 0,5 faiz az vəsait nəzərdə tutulub. Bu gün, sabah və o biri günlər davam edəcək çıxışlardan sonra, yəqin ki, hökumət bu məsələyə yenidən baxacaq və bu xərclərin ən azından ötənilki səviyyədə saxlanması barədə düşünəcəkdir. Bu azalmalar nəyə gətirib çıxarır? Uşaq bağçalarında bir uşağa ayrılan xərc 23 manat, orta məktəblərdə 45 manat, ali məktəblərdə isə 50 manat azalır. Bu elə də böyük vəsait deyil, hökumət bunun öhdəsindən gələ bilər.
Burada maliyyə nazirimiz dedi ki, kinoya 6 milyon vəsait ayrılır. Cənab nazir, 6 milyona indi heç jurnal çəkmək olmaz, nəinki kino. Yeri gəlmişkən, deyim ki, iqtisadi göstəriciləri bizdən çox-çox aşağı olan qonşu respublikalarda kino çəkilişinə bundan 5-6 dəfə artıq vəsait ayrılır. Xahiş edirəm, bunu nəzərə alasınız.
Oqtay müəllim, əmanətlərlə bağlı bizə tez-tez müraciətlər olur. Bu gün hökumət üzvləri burada özlərini elə apardılar ki, elə bil, bu hökumətin xalqa heç bir borcu yoxdur. Əmanət kassalarında yatan, qalan, yaxud ölən vəsaitmi deyək, bu, çox ciddi məsələdir. Adamlar hər addımbaşı buna görə bizə müraciət edirlər. Bunu da nəzərə alın.
Büdcə daxilolmalarında mənim üçün təəccüblü olan bir məsələ var. 2009-cu ildə dövlət müəssisələrinin mənfəətlərindən, yəni dividendlərdən büdcəyə daxilolmalarla 2010-cu il arasında kəskin şəkildə fərq var. Məsələn, 2009-cu ildə bu 47,2 milyon manat idi, gələn il həmin rəqəm təxminən 80 min manata enibdir. Məsələn, ötən il ancaq Azərbaycan Beynəlxalq Bankının dividendləri 45,2 milyon manat nəzərdə tutulurdu. Mən bilmək istəyirəm ki, bu rəqəm səhv gedib, yoxsa bu belədir? Gələn il Azərbaycan Beynəlxalq Bankı, “Azərenerji”, “Azərsu”, “Azal” və digər müəssisələr işləməyəcəkmi, yaxud işləsələr, bunların dividendləri olmayacaqmı? Olacaqsa, bu niyə büdcədə nəzərdə tutulmayıb?
Çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Əhalinin aztəminatlı hissəsi olan həkimlərin, mədəniyyət işçilərinin əmək haqlarının qaldırılmasını hökumət üzvlərindən xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
N. Məmmədov. Çıxışımın çox gec olacağını nəzərə alaraq sual vermək məcburiyyətində qalmışam.
Sədrlik edən. Bir dəqiqə, hamı çıxış etmək istəyir, ona görə konkret sualınızı verin.
N. Məmmədov. Dövlət büdcəsinin xərclər hissəsində dövlət müəssisələrinə maliyyə yardımı adı altında 64 milyon 500 min manat vəsait nəzərdə tutulur. Millət vəkillərinə maraqlı olması üçün deyim ki, bu dövlət müəssisələri səhmdar cəmiyyətləri formasındadır. Dövlətlə hüquqi forma baxımından bağlı olmalarına baxmayaraq, iqtisadi fəaliyyətlə məşğul deyillər. Olmazmı ki, bu vəsaitin bir hissəsini millət vəkillərinin maddi-texniki şəraitinin yaxşılaşdırılmasına, o cümlədən onların avtomobillə təmin olunmasına yönəldəsiniz? Çünki o müəssisələr islahatlar çərçivəsində özəlləşməyə açılmalıdır və bazar iqtisadiyyatının tələbinə görə, belə müəssisələrin saxlanılması, o cümlədən subsidiyaların verilməsi dövlət baxımından düzgün sayılmazdı. Mən bu sualı Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlayıram.
İkinci sualım ali təhsillə bağlıdır. Mən bütün həmkarlarıma böyük hörmətlə yanaşıram. Əksəriyyəti elmi-pedaqoji fəaliyyətlə və ali təhsilin idarə edilməsi ilə məşğuldurlar. Ali təhsil müəssisələrinin saxlanılmasına dövlət büdcəsindən 138 milyon manat vəsait nəzərdə tutulur. Biz müşahidə edirik, son bir neçə ildə hətta dövlət qulluğuna qəbulla bağlı 10 min məzun müraciət edirsə, onun 5 faizi nəticə göstərmir. Mənim sualım Misir müəllimədir. Hörmətli cənab nazir, niyə ali təhsil sistemində dünya standartlarına uyğun nəticə əldə edilmir? Təbii, deyə bilərsiniz ki, “Təhsil haqqında” Qanun qəbul olunub, ondan sonra ali təhsil haqqında qanun qəbul olunacaq. Bu, bütün cəmiyyəti maraqlandıran məsələdir. Nəticəlik əldə etmək üçün bu sahədə islahatlar aparmalıyıqmı? Təhsil Nazirliyi tərəfindən ali məktəblərə qəbul üçün sifarişlərin verilməsi tarixdə qalmamalıdırmı? Bizdə özəl institutlar, universitetlər var. Bunlarla dövlət müəssisələri arasında hansı məsələləri tənzimləməliyik ki, cəmiyyətimiz inkişaf etsin? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən sizin birinci sualınıza cavab verim, o biri suala Misir müəllim cavab verər. Milli Məclisə dövlət tərəfindən hər cür yardım edilib, Milli Məclisin binasının təmirinə, deputat köməkçilərinin işə götürülməsinə və sairəyə maliyyə yardımı da ayrılıb. İndi yenə nə maşın söhbəti salmısınız? MDB dövlətlərində bir dövlətdən başqa, heç birində deputatların maşını yoxdur. Belarusda heç vitse-spikerlərin də maşını yoxdur. Niyə hər dəfə bu məsələni qaldırırsınız? Biz burada büdcəyə qənaət edirik, Siz isə başlamısınız ki, deputatlara maşın verilsin. Bu bir az düzgün yanaşma deyil. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli nazirlər və qonaqlar! Mən də hesab edirəm ki, 2010-cu il üçün büdcə layihəsi Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin bu məsələdə düşüncələrini uzlaşdırılmış şəkildə özündə ifadə edir. Büdcə layihəsini bütövlükdə götürdükdə o, iqtisadi maliyyə sənədi olmaqla bərabər, həm də siyasi sənəddir. Amma çox arzu edərdim ki, ona yanaşmalar siyasi maraqların kontekstində yox, daha çox iqtisadi təhlillərin üzərində qurulmuş olsun. Biz burada büdcə layihəsini həddindən artıq tərif edə bilərik və bunun üçün də kifayət qədər əsaslar var. Amma vətəndaş düşüncələrini bu parlamentə, bu tribunaya gətirməsək belə, onsuz da vətəndaş onları düşünür. Onun üçün də bu çıxışımda bir uzlaşdırılmış mövqe göstərmək istərdim.
Büdcə ilə bağlı düşüncələrimi bölüşməmiş istərdim ki, real olaraq artıq ictimai, sosial xarakter daşıyan H1N1 virusunun yayılması, Azərbaycanda həyata keçirilən tədbirlər və bir az da şayiə şəbəkələrinin ayıq olması ilə bağlı fikrimi söyləyim. Hökumət komissiyası yaradılmalıdır. Bu təkcə Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Bu məsələ ilə bağlı iqtisadi layihələr var, “bu, iqtisadi maraqları olan beynəlxalq dairələrin planıdır”, “bu, embrioloji, bakterioloji silahdır” və sair bu kimi məsələlərə qarşı dayanmaq lazımdır.
İkinci məsələ. Büdcə zərfi 6-7 cilddə, şübhəsiz ki, peşəkar şəkildə hazırlanıb bizə göndərilib. Amma parlament informasiya texnologiyaları ilə təmin olunub. Bunu bir disk şəklində də parlamentə göndərmək və 30-40 min manata qənaət etmək olardı.
Mənim üçün büdcə layihəsi 3 aspektdə xüsusi olaraq qiymətlidir. Birinci, qlobal iqtisadi böhran şəraitində Azərbaycan özünün iqtisadi müstəqilliyini qoruyub saxladı. Bu prosesin mahiyyətində bir sıra ölkələri iqtisadi cəhətdən özlərinə tabe etdirmək dayanırdı. Mən ötən il də buna bənzər bir fikir söyləmişdim. Azərbaycan bu müddət ərzində hər hansı bir ölkənin təsir dairəsinə düşmədi, onun vassalı olmadı və sair. Şükürlər olsun ki, bu, dövlət başçısının baxışları sistemi əsasında idi, onun komandasının yürütdüyü siyasət idi.
İkinci, dövlət sosial öhdəliklərini saxlamalıdır. Bu qlobal iqtisadi böhran şəraitində dövlət bu öhdəliklərdən imtina etmədi.
Üçüncü, manatın dönərliyinin saxlanılmasıdır. Çünki bu dövrdə müxtəlif ölkələrdə milli valyuta vasitələri ciddi şəkildə inflyasiyaya uğradı və problemləri oldu.
Bununla belə, mən istərdim ki, hökumət üzvlərindən bir məsələni soruşum. Onlar deyirlər ki, beynəlxalq iqtisadi konyunktura bizə az təsir edir və sair. Bu böhran bizə təsir edib desək, bu bizi vətəndaş qarşısında çox günahkar edər? Mənə elə gəlir ki, əksinə, Amerika kimi güclü bir ölkə və yaxud Avropa ölkələri bu iqtisadi böhrandan müəyyən təsirlərlə, nəticələrlə çıxıblarsa, inteqrasiyaya getmiş Azərbaycan üçün də bu nəticələr ortadadır.
Müxtəlif rəqəmlər var. Elə düşünürlər ki, ixraca, iş yerlərinə və sair kimi məsələlərə təsir etməklə, bu böhran Azərbaycan iqtisadiyyatına 5-6 milyard dollara qədər təsir göstərib. Bunu bəyan etmək heç bir halda Azərbaycan hökumətinin işləklik imkanını aşağı qiymətləndirmir. Bizdən öncə daha fəlakətli nəticələrlə çıxanlar var. Mən bu rəqəmləri sayıb vaxt almaq istəmirəm. Amma MDB məkanında ümumi daxili məhsul Ermənistanda 18 faiz, Ukraynada 17 faiz, Rusiyada 11,8 faiz azalıb. Yeganə olaraq uğurlu nəticə ilə çıxan Azərbaycandır. Amma bununla bərabər, mən iqtisadi böhranın Azərbaycana da təsir etdiyini etiraf etmək istəyirəm. Bu mənim subyektiv fikrimdir və hesab edirəm ki, bununla günah etmirəm.
Xarici borclarla bağlı, yəqin ki, sonrakı çıxışlarda da müxtəlif fikirlər səslənəcək. Mənbələr göstərilib, amma mən ikisini əlavə etmək istəyirəm. Ötən il 9 iri vergi ödəyicisi ilə bağlı mən demişdim ki, bunların borcu artıq büdcə layihəsində göstərilən rəqəmlərə bərabərləşməkdədir. Bu problemi həll etmək lazımdır, çünki mən sovet dövründən qalma borclar problemini xatırlayıram, ötən dövrdə bəziləri parlamentdə həll olunmuşdu. İkinci mənbə. Mən hesablamışam, Türkiyə ilə qaz ödəmələrində yaranmış fərqə görə təxminən 1 milyard dollar vəsait ödəyəcəklər. Ona görə də “büdcə kəsiri hansı mənbələr hesabına ödəniləcək” fikrini çox da ciddi qəbul etmirəm. Türkiyə məsələsinə toxunmağımda da düşünmürəm ki, bir qəbahət var.
Bir neçə istiqamətdə fikirlərimi söyləmək istəyirəm. Birinci, bu ölkədə 23 milyard kubmetrə yaxın qaz çıxarılır. Bu, sovet dövründə çıxarılandan artıqdır. Müxtəlif hesablamalara görə Azərbaycanın daxili qaz ehtiyacı 12 milyard kubmetrdən artıq deyil. Ancaq gəlin, etiraf edək ki, biz Azərbaycan kəndlərini, əyalətlərini, Azərbaycan vətəndaşını qazla tam təmin edə bilməmişik. Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin.
Enerji istehsalı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. İldən-ilə Azərbaycan dövlət başçısının bu sferaya diqqəti və qayğısı artmaqdadır. İndi adambaşına düşən enerji istehsalı sovet dövrü ilə də, başqa ölkələrlə də müqayisədə artıb. Amma bəzi məsələləri inkar edə bilmərik, axı. Desək ki, Azərbaycan vətəndaşı 100 faiz enerji ilə təmin olunub, bunun ödənişlərində problem var, bu da yanlışdır. Yəni burada da fasilələr var və mən çox istərdim ki, bu sferaya rəhbərlik edən qurumlar, nümayəndələr bu məsələyə aydınlıq gətirsinlər. İdarəetmədə problemimizmi var? Yəni bir neçə qurum yaradılıb, bumu problemdir, yoxsa nə?
Mən hesab edirəm ki, elmə ayrılan vəsait nisbətən azalıbdır. Əlbəttə, büdcədə elm tutumlu layihələrin çəkisinin aşağı düşməsi yaxşı hal deyil. Bu, alimin getməsi demək olardı. Onsuz da bu, alimlərimiz – 8600 namizədimiz, 1600 də Milli Elmlər Akademiyasında olanlarımızla ölçülür. Ona görə birinci növbədə Milli Elmlər Akademiyası institutlarının üzərinə, yəni təhsil sisteminə transfer etmək lazımdır. Çünki Milli Elmlər Akademiyası bir qurum kimi elmi proseslərin irəliyə aparılmasında o missiyanı daşıya bilmir. Bunu da gəlin, açıq deyək.
Əmanətlər mövzusuna toxunmaq istəyirəm. Ola bilər ki, bu 10 il, 20 il sonra ödənilsin, amma dövlət daxili borcunu tanısın. Vətəndaş qarşısında dövlətin borclu olması yaxşı bir hal deyil. Bu, banklara da, dövlətə də etimadı artırar, eyni zamanda, gələcəkdə bunun ödənilməsinin müxtəlif mexanizmləri də ortaya çıxa bilər.
Mən təklif verirəm ki, paytaxt bu yükdən azad olsun. Siz bir diqqət edin, neftin çıxarılması ilə bağlı rəqəmlər nisbətən aşağı düşdüyü halda, ölkədə benzinin və dizel yanacağının sərfiyyatı artıb. 300 min tonla. Niyə? Çünki bu qədər tıxac sistemi ölkədə bu problemləri yaradıb. Sovet dövründə tikilmiş zavodların köçürülməsinin zamanıdır. Ayrı-ayrı ali məktəb müəssisələrinin də köçürülməsinin zamanıdır. Paytaxtı bu yükdən azad etmək lazımdır.
Səhiyyə məsələsinə çox qısa bir nöqteyi-nəzərimi bildirmək istəyirəm. Dövlət Statistika Komitəsinin məlumatlarında hansı xəstəliklərdən ölmənin dəqiq faizləri göstərilibdir. Bu sahə üzrə də xaricə həkim göndərmək lazımdır. Yəni Azərbaycanın vəsaitləri ora qoyulsa, zamanında Turqut Özalın etdiyini etmiş olacağıq. Mənə elə gəlir ki, bununla da həm diaqnostika mərkəzlərimiz yaxşı kadr bazası qazanacaq, həm də pullarımız xarici klinikalara qoyulmayacaq. Bütün bu uğurları tanımaqla bərabər, etiraf etmək lazımdır ki, kadr bazasını hələ istədiyimiz kimi daşıya bilmirik.
Hərbi məsələ ilə bağlı ikicə faktı səsləndirmək istəyirəm. Azərbaycan Prezidentinin bu ölkənin təhlükəsizliyinə ən yüksək diqqətinin sübutudur ki, bu ağır dönəmdə bu xərclər saxlanılıb. Ermənistan artıq bunu 30 faiz endirib, onların hərbi xərci 300 milyon dollardır, Azərbaycanın isə 6 dəfə artıqdır. Düşünsünlər ki, hərbi sənaye kompleksi var deyə, eyni zamanda, investisiya xərclərinin də tərkibində o ayırmalar var. Ona görə kim isə düşünməsin ki, bu vəsait azdır. Amma gəlin, etiraf edək ki, hərbi qulluqçuların mənzillə təminatında problemlərimiz var. Sovet dövründə 60–70 min mənzil fondu var idi. İndi bu fond çox aşağı vəziyyətdədir. Mən çox istərdim ki, bu məsələlərə də baxılsın.
Bir dəqiqə də təmsil etdiyim rayonla bağlı danışmaq istəyirəm. Mən təklif edirəm, hökumət Qarabağın xüsusi inkişaf proqramını hazırlasın. Biz – parlament üzvləri də töhfə verməyə hazırıq. Qarabağ başqa yerlərdən yalnız ona görə qiymətlidir ki, o, münaqişə bölgəsidir. Başqa rayonlarımız da Azərbaycan üçün çox qiymətlidir, amma Qarabağ infrastruktur, qaz, işıq və sair təminatlarına görə xüsusi inkişafa layiq görülməlidir ki, o, Dağlıq Qarabağ ermənilərinə də, Ermənistan ermənilərinə də görk olsun.
Mənim təmsil etdiyim bölgədə – Bərdədə məktəblər hələ də qaçqın və məcburi köçkünlər tərəfindən tutulubdur. Ötən il elan olunmuşdu ki, növbəti proqram bu il başlayacaq. Mən çox arzulayıram ki, 2010-cu ildə bu məsələ nəzərə alınsın. Bütövlükdə götürdükdə, mən bu təkliflərimi onun üçün səsləndirdim ki, büdcə layihəsinə töhfə vermiş olum. Lakin bu büdcə bütün hallarda güclüdür və mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Qlobal maliyyə böhranının Azərbaycana təsiri ilə əlaqədar çox söyləmişik, çox yazılıb. Amma mən qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti, Azərbaycan dövləti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Mərkəzi Bank tərəfindən banklara 250 milyona yaxın likvidliyin verilməsi, bankın resursları hesabına manatın məzənnəsinin qorunub saxlanılması, o cümlədən pul-kredit siyasətində qəbul edilən bir sıra qərarlar 2009-cu ildə öz müsbət nəticəsini verib. Ticarət dövriyyəsində 4,8 milyard dollara yaxın müsbət saldonun olması, strateji valyuta ehtiyatlarının 19 milyarda, ümumi daxili məhsulun 6 faizə çatdırılması, o cümlədən ümumi daxili məhsulun strukturunda çox kövrək də olsa, bir sıra dəyişikliklərin olması, yəni xidmətlərin artması müsbət hallardır. Azərbaycanda daxili investisiyaların ümumi investisiyada payının artıq 82 faizə çatdırılması mütləq qeyd olunmalıdır.
Amma bununla bərabər, bir sıra məsələlər var ki, bizi çox narahat edir. Birincisi, Azərbaycanın dövlət büdcəsi hesablananda proqnozlaşdırma institutunun təkmilləşdirilməsinə çox böyük ehtiyac yoxdur. Biz 2009-cu ilin dövlət büdcəsini təsdiq edəndə burada neftin qiyməti ilə əlaqədar çox böyük mübahisələr getdi. Biz təkidlə tələb edirdik ki, neftin qiyməti 50-55 dollar göstərilsin. Amma sonra hökumət müəyyən investisiya layihələrinin siyahısını təsdiq etmədən, ehtiyat saxlayaraq bu varianta getdi. İndi də 2010-cu ilin dövlət büdcəsinə çox ehtiyatla yanaşılıb. Mən bunu qlobal maliyyə böhranının getdiyi bir dövrdə məqbul sayıram. Neftin qiyməti 45 dollar götürülüb. Amma hamıya aydındır ki, neftin qiyməti ən aşağısı 55 dollar olacaq, çətin ki, ondan aşağı düşər. Çünki keçən dövr ərzində maliyyə bazarına çoxlu maliyyə resursları buraxılıb və bunun nəticəsi görünməkdədir. Ona görə də mən belə hesab edirəm, yaxşı olar ki, dövlət büdcəsində neftin qiymətini 55 dollar götürsünlər. May-iyun aylarında biz büdcəyə yenidən baxmalı olacağıq.
Ümumiyyətlə, 2010-cu ilin dövlət büdcəsində məni narahat edən bir sıra məqamlar var. Birincisi, büdcədə 1,25 milyard kəsir nəzərdə tutulur. Bu, ümumi daxili məhsulun 3,9 faizidir. O qədər də böyük rəqəm deyil, amma bizim üçün böyük sayıla bilər, çünki bu rəqəm arta bilər. 2009-cu ildə biz bu rəqəmi 180 milyon götürmüşdük. Amma məni əsas rəqəm deyil, kəsirin maliyyələşdirilməsi maraqlandırır. Mən komitənin iclasında da fikrimi dedim, bu gün də deyirəm. Bu kəsirin maliyyələşdirilməsi prinsipi özəlləşdirmədən gələn vəsait, xarici borclanma, o cümlədən qiymətli kağızların xaricdə yerləşdirilməsi hesabınadır. Biz həmişə daxili borclanmanın tərəfdarı olmuşuq və təkidlə tələb etmişik ki, xarici borclanma əvəzinə daxili borclanmanı artırmaq lazımdır. Nəhayət ki, indi 2009-cu ilin büdcəsi ilə əlaqədar onu 2 milyard 250 milyon artırmaq barədə material almışıq. 2010-cu ilin büdcəsində də artıq bunu 1,7 milyard artırmaq nəzərdə tutulub. Amma qiymətli kağızların dünya bazarında yerləşdirilməsinin tamamilə əleyhinəyəm. Dünyada gedən qlobal maliyyə böhranının 2010-cu ildə nə ilə nəticələnəcəyini heç kim bilmir. Azərbaycan bu bazarda iştirak etmədiyi üçün 2009-cu ildə bu böhrandan müəyyən qədər yumşaq çıxdı. Xarici borclanmanı da kəsirik. Mən bunu xarici borclanma ilə bağlamağın tərəfdarı deyiləm.
Burada digər ehtiyatlar var, mən o barədə danışmaq istəyirəm. Birincisi, vergi ödəyicilərinin dövlət büdcəsinə borcu 2009-cu ildə 5,3 milyard manat göstərilib. Bunun 65 faizi xüsusi mülkiyyət, 33 faizi dövlət mülkiyyətidir. Yəni o 9 vergi ödəyicisi indi 8 olub. 2008-ci ildə bu rəqəm 4,1 milyard idi. Deməli, keçən müddət ərzində bu rəqəm 1,2 milyard artıb. Bunlar hansı borclardır? Ümumiyyətlə, bu borclarla əlaqədar olaraq nə baş verir? Bu borcların strukturu nədən ibarətdir? Niyə 70 faiz xüsusi mülkiyyətin vergi ödənişi borc vəziyyətində saxlanılır? Bu kimin balağındadır? Niyə Azərbaycan dövlətinin rəhbərləri, Azərbaycan hökuməti bununla məşğul olmur? Biz büdcəyə 1,2 milyard manat kəsir yazırıq. Bu borclarla məşğul olmaq lazımdır. Belə çıxır ki, əgər həmin borclar belə artımla getsə, 2011-2012-ci ildə biz təxminən büdcəyə bərabər belə bir borcu da təsdiq edəcəyik. Yəni büdcəyə 10 milyard manata yaxın vergi borcları olacaq. Onun üzərində işləmək lazımdır, cənab nazirlər.
İkinci ən ciddi məsələ büdcəyə daxilolmalarla əlaqədardır. Burada da vəziyyət eynidir. Deməli, 2009-cu ilə nisbətən 2010-cu ildə fiziki şəxslərdən gəlir vergisi 220 milyon manat azaldılıb. Yaxşı, nə baş verib? Burada qeyd edirlər ki, Milli Məclisdə bir neçə qərar qəbul etmişik, 2000-dən 3000-ə qaldırmışıq, vergi ilə əlaqədar bir sıra başqa dəyişikliklər etmişik. Bu, 220 milyon edə bilməz. Bu, böyük rəqəmdir. Digər tərəfdən, əmək haqqı artırılır, əlavə iş yerləri açılır, amma birdən-birə fiziki şəxslərdən gəlir vergisi 220 milyon azaldılır. O cümlədən hüquqi şəxslərdən mənfəət vergisi 1,1 milyard azaldılıb. Bu böyük rəqəmdir. Deyirlər, Azəri–Çıraq, Günəşli yataqları pay bölgüsü ilə əlaqədardır və sair. Bu çox böyük rəqəmdir, bunu araşdırmaq lazımdır. Niyə birdən-birə vergi 1,1 milyard manat azaldı? Yadınıza gəlirsə, 2006, 2007, 2008-ci illərdə eyni vəziyyət əlavə dəyər vergisi ilə əlaqədar yaranmışdı. Sonra Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin ciddi təsirləri nəticəsində bu vergi faktiki olaraq 3 dəfə artırıldı və büdcəyə 3 dəfə əlavə vəsait daxil oldu. Ona görə də büdcənin kəsirini daxili borclanma və bir də, bu vergiyə olan borclarla bağlamaq lazımdır ki, bura kənardan əlavə vəsait cəlb etməyək.
Məni narahat edən digər məsələ büdcənin xərc hissəsi ilə bağlıdır. Birincisi, burada kənd təsərrüfatı ilə əlaqədar çıxışlar oldu. Son zamanlar kənd təsərrüfatına Azərbaycanın dövlət başçısı İlham Əliyev, o cümlədən Azərbaycan hökuməti tərəfindən çox böyük diqqət yetirilib. Artıq statistikaya görə Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunur. Amma gəlin, baxaq, digər sahələrdə nə cür vəziyyət yaranıb? Quba, Xaçmaz, Gədəbəy rayonlarında fermerlər istehsal etdikləri malı sata bilmirlər. Meyvəni, tərəvəzi və digər məhsulları maşınlarla aparıb çaya tökürlər. Nə baş verir? Mən açığını deyim, son zamanlar İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu regionlarda çox böyük iş görür. Mənim aldığım məlumata görə 15-ə yaxın soyuducu anbar, 8-ə yaxın taxıl anbarı tikiblər və sair. Bunu 5 il bundan qabaq etmək lazım idi ki, bu gün biz meyvə-tərəvəzlə bağlı ciddi bir problemlə üzləşməyək. Vəziyyət olduqca ciddidir. Bir vaxt pambıq istehsalçılarının başına gətirilən oyun onların da başına gətirilir. Bir-iki ildən sonra insanlar o meyvəni də əkmək istəməyəcəklər.
Oqtay müəllim, iki dənə konserv zavodu var. Biri Xaçmazda, o biri Qubadadır. Mən bir həftə bundan qabaq orada idim. İnanın, yüzlərcə maşın aylarla o zavodların qabağında dayanır, qəbul etmirlər. Deyirlər ki, 28–30 kilo gələn yeşiyi 10 qəpiyə ver, götürək. Burada çox ciddi problem var, mən xahiş edərdim ki, Azərbaycan hökuməti bu məsələni nəzərdə saxlasın.
Digər bir məsələ elmə ayrılan xərclə əlaqədardır. O vəsait xeyli azaldılıb. Yadınıza gəlirsə, 2006-cı ildə bu xərc cəmi 45 milyon idi, nəhayət, artırıldı, 105 milyon oldu. İndi, 2010-cu ildə 98 milyon nəzərdə tutulub. Mən xahiş edərdim ki, bu xərc bir qədər artırılsın, heç olmasa, 2009-cu ilin vəziyyətində saxlanılsın. Ən ciddi məsələlərdən biri nəzarət mexanizminin təkmilləşdirilməsidir. Mən Samir müəllimdən və Heydər Əsədovdan artıq dərəcədə xahiş edirəm ki, indiki qlobal maliyyə böhranında büdcəyə nəzarət mexanizmini təkmilləşdirsinlər. Nəzarət mexanizmi təkmilləşdirilməsə, bizdə həmişə büdcənin xərc hissəsində çox ciddi problemlər yaranacaq. Düzdür, son zamanlar müəyyən işlər görülüb, Maliyyə Nazirliyində xüsusi idarə yaranıb. Oqtay müəllim, Hesablama Palatasının səlahiyyətlərini genişləndirmək lazımdır ki, bu nəzarəti çox ciddi şəkildə gücləndirsin. Qlobal maliyyə böhranının 2010-cu ildə qurtarması hələ sual altındadır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev buyursun.
A. Şahverdiyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin əsas göstəriciləri üzrə müqayisəli şəkildə bir neçə arqumentə, rəqəmə müraciət etmək istəyirəm. Birinci, gəlirlərin və xərclərin ümumi məbləği üzrə. 2010-cu ildə dövlət büdcəsinin ümumi gəlirləri 10 milyard 115 milyon manat, 2010-cu il üçün proqnoz olunan ümumi daxili məhsul 31 milyard 825 milyon, xüsusi çəkisi 31,47 faiz təşkil edir. 2009-cu il üçün göstərilən ümumi gəlirlərin, yəni 9 milyard 701 milyon manatın bu il üçün gözlənilən ümumi daxili məhsul, yəni 30 milyon 697 milyon manat, xüsusi çəkisi 31,6 faizlə müqayisədə, demək olar ki, stabil qalması dünyada baş verən iqtisadi böhran və respublikamızdakı makroiqtisadi vəziyyət fonunda büdcənin ümumi gəlirlərinin təklif olunan məbləğinin məqbul səviyyədə olduğunu göstərir.
İcmal büdcəsi və onun kəsiri ilə bağlı aşağıdakı fikirlərimi söyləmək istəyirəm. 2010-cu il üzrə icmal büdcə xərclərinin təklif olunan məbləği, yəni 12 milyard 465 milyon manat icmal büdcəsinin gəlirlərini 11 milyard 885 milyon manat üstələyərək mənfi resurslar balansı ilə minus 580 milyona çatmışdır. 2010-cu il üçün icmal büdcə kəsirinin təklif olunan məbləği Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan 2009-cu ilin müvafiq proqnoz göstəricisi ilə nisbətdə 1,5 faiz artmış və bu, əsasən, dövlət büdcəsi kəsirinin artması hesabına baş vermişdir. Maliyyə resursları balansının mənfi ilə nəticələnməsi ilk baxışda müsbət təsir bağışlamasa da, maliyyə-iqtisadi böhranın təsirlərinin azaldılması, iqtisadi aktivliyin stimullaşdırılması, sosial-iqtisadi durumun davamlı dəstəklənməsinin həyata keçirilməsi üçün təklif olunan icmal büdcəsi kəsirinin həddi qəbul olunan səviyyədədir. Funksional və iqtisadi təsnifata uyğun olaraq xərclər üzrə 2010-cu il büdcəsinin ümumi gəlirlərinin kəsirini və bu il üçün dövlət investisiya proqramının əsas istiqamətlərini nəzərə alaraq büdcənin funksional təsnifatında 11-ci bölmə üzrə xərclərin təklif olunan həcmi dövlətin maliyyə resurslarına və müvafiq makroiqtisadi duruma uyğundur.
Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, müxtəlif funksional bölmələr üzrə yuxarıda qeyd olunan artım heç də bərabər olmamışdır. Birinci, ümumi dövlət xidmətləri, ikinci, müdafiə, üçüncü, məhkəmə, hakimiyyət, hüquq və mühafizə, prokurorluq bölmələri üzrə yuxarıda qeyd olunan artım müvafiq olaraq 31, 23 və 27 faiz olduğu halda, 4-cü bölmə, yəni təhsil üzrə xərclərin artımı 16 faiz olmaqla bu sahədə əməyin ödənişi üzrə artım 14,3 faizdir. 2010-cu ilin büdcəsinin göstəricilərinə görə, ümumi gəlirlər 2009-cu ilin göstərilən gəlirləri ilə müqayisədə 3,2 dəfə artacaq. 2010-cu ilin büdcə göstəricilərinin hesablanmasında bir barel xam neftin 45 Amerika Birləşmiş Ştatları dolları səviyyəsində qəbul olunmuşdur. Bu, 2009-cu illə müqayisədə 10-13 faiz aşağıdır. Bəzi vergi dərəcələrinin aşağı salınması bazasında qeyd etdiyimiz artım qəbul olunan səviyyədədir. Mədaxil mənbələri üzrə gəlirlərin məbləğləri isə qeyd olunan faktorları və makroiqtisadi durumu nəzərə aldıqda məqbul səviyyədə qəbul oluna bilər.
Deputat həmkarlarım burada neftin gələn il üçün qiymətləndirilməsi barədə müəyyən fikirlər söylədilər. Beynəlxalq ekspertlərin əksəriyyəti eyni fikirdədir ki, növbəti il üçün neftin bir barelinin qiyməti təxminən 80–100 dollar civarında olacaqdır. Azalma tendensiyası artıq dayandırılıb. Dövlət Neft Fondunun hörmətli direktoru Şahmar müəllim imkan verməz ki, mən burada yalan danışım. Neftin qiymətinin bir dollar artması Azərbaycanda hasil olunan bütün nefti nəzərə almaqla ölkəyə təxminən əlavə 200 milyon dollar gəlir gətirəcəkdir. Bilirsiniz ki, bu məbləğ də, əsasən, Dövlət Neft Fondunda toplanır.
Dövlət borcunun məbləğləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. 2010-cu ildə dövlət borcunun yuxarı həddi 4 milyon 200 min manat olmaqla daxili dövlət borcunun yuxarı həddi 1 milyon 700 min manat, xarici dövlət borcunun yuxarı həddi 2 milyon 500 min manat təşkil edir, 2010-cu il üçün proqnoz ümumi daxili məhsulun 13 faizi qədərdir. Bu, dünyanın bir sıra qabaqcıl ölkələrindəki müvafiq göstəricilərdən dəfələrlə azdır. 2010-cu il büdcəsi dövlətin indiki iqtisadi və siyasi kursunun davam etdirilməsi əsas götürülməklə, xərclərin ümumi məbləğini 2009-cu ilin müvafiq göstəricilərinə nisbətən 12,4 faiz artırmaq, müvafiq vergi dərəcələrini azaltmaqla müəssisələrin mənfəət vergisini 22 faizdən 20 faizə, aylıq gəlirin 2000 manatdan çox olan hissəsi üçün vergi dərəcəsini 35 faizdən 30 faizə endirmək, sadələşdirilmiş vergi tutulan dövriyyəni 90 mindən 150 minə qədər artırmaq, vergi ödəyicilərinin sərəncamında qalan gəlirlərin çoxaldılması yolu ilə məcmu tələbin və iqtisadi artımın stimullaşdırılmasına yönəltməklə, maliyyə-iqtisadi böhranın təsirini azaltmaq üçün yeridilən pul-kredit siyasəti tədbirlərini tamamlayır və onlarla vəhdət təşkil edir. Dünyada baş verən maliyyə-iqtisadi böhran fonunda əksər ölkələrdə iqtisadi artım tempi aşağı düşüb. Milli valyutalar öz dəyərlərini itirirlər. Ölkəmizdə isə vaxtında görülmüş tədbirlər nəticəsində 9 ayın yekunlarına görə 6,1 faiz iqtisadi artım qeydə alınmışdır.
Bildiyiniz kimi, mən əhalisini məcburi köçkün təşkil edən regiondan deputat seçilmişəm. Həmişə məcburi köçkünlərlə bağlı məsələlərə diqqətlə yanaşıram. Builki büdcədə qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlərin 12,3 faiz artırılması nəzərdə tutulmuşdur. Əhalimizin bu həssas təbəqəsinə diqqətlə yanaşdığına görə hökumətimizə öz təşəkkürümü bildirirəm.
Mərkəzi Bankın səyləri nəticəsində milli valyutanın məzənnəsi sabit saxlanmışdır. Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində əhalinin banklara inamı güclənmiş, keçən illə müqayisədə əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artmışdır.
Yaxşı haldır ki, müdafiə xərcləri 2009-cu ilə nisbətən az da olsa artırılmışdır. Erməni işğalı altında qalan torpaqlarımız azad olunana qədər müdafiə xərcləri daim artmalıdır. Hörmətli Samir müəllimə bir sualım var. Milli Məclisə əməyin ödənişinə görə ayrılan vəsaitin keçən illə müqayisədə 29,5 faiz artırılması nəzərdə tutulmuşdu. Bu artım hazırda ştatda olan işçilərin əməyinin artırılması üçün nəzərdə tutulur, yoxsa yeni ştatlar yaradılacaq? Ümumilikdə götürdükdə mükəmməl bir qanun layihəsidir. Mən bu qanunun lehinə səs verəcəyəm. Hörmətli həmkarlarımı da bu qanun layihəsini dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Astan müəllim, o sualın bir hissəsinə mən cavab verim. Dövlət tərəfindən maliyyə ayrılıb, 15 mərtəbəli bina tikilib. Orada da işçilər işləyəcək. Bu, nəzərdə tutulub. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Son 13 ildə ilk dəfə olaraq dövlət büdcəsində azalmanın qeydə alınması, təbii olaraq, büdcənin gəlirləri ilə bağlı bir sıra suallar doğursa da, hökumət, çox təəssüf ki, öz izahatında onlara aydınlıq gətirmədi. Məlumdur ki, qeyri-vergi gəlirləri sabit gəlir mənbəyi olmadığından büdcə, əsasən, vergi gəlirlərindən asılı olur. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin büdcəsində vergi gəlirlərinin payı 80–85 faiz təşkil edir. Azərbaycanda isə büdcədə vergi gəlirlərinin payı həmişə aşağı olubdur. Məsələn, 2009-cu ildə bu pay 51,9 faiz nəzərdə tutulmuşdu. Ancaq ən təəccüblüsü budur ki, 2010-cu ilin büdcəsində hətta bu aşağı faiz də bir qədər aşağı endirilir. Yəni 6 faiz aşağı endirilməklə 45,9 faiz proqnozlaşdırılır. Büdcədə neft transfertlərinin çoxluğu şəraitində 2009-cu illə müqayisədə vergi gəlirlərinin payının 6 faiz aşağı proqnozlaşdırılması vergilərdən asılı olmayan bu büdcə strukturunu təhlükəli bir struktur kimi xarakterizə edir. Təəssüf ki, biz layihədə belə təhlükəli vəziyyətin yaranma səbəblərinə dair heç bir izahata rast gəlmədik.
Gəlirlərlə bağlı toxunmaq istədiyim ikinci məsələ qeyri-neft sektorundan daxilolmalarla bağlıdır. Hökumət nümayəndələri həmişə ölkənin qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı fikirlər səsləndirsələr də, əlimizdə olan layihə bunun tamamilə əksini deyir. 2010-cu ildə hökumət büdcə üçün qeyri-neft sektorundan 3 milyard 570 milyon manat vəsait gözləyir. Halbuki bu rəqəm 2009-cu ildə 4 milyard 570 milyon manat proqnozlaşdırılmışdı. Fikir verirsinizsə, gələn il qeyri-neft sektorundan büdcəyə 1 milyard az ödəniş olacaqdır. Birdən-birə qeyri-neft sektorundan gələn gəlirin 22 faiz azalması, hesab edirəm ki, çox ciddi məsələdir və hökumət üzvləri bu məsələyə də aydınlıq gətirməlidir.
Eyni vəziyyət neft daxilolmalarında da özünü göstərir. 2010-cu ildə büdcəyə 6 milyard 445 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, onun da 4 milyard 915 milyon manatı neft transferti, 1 milyard 530 milyon manatı isə xarici neft şirkətlərinin və Dövlət Neft Şirkətinin ödəməsidir. Ancaq 2009-cu ildə xarici neft şirkətlərinin və Dövlət Neft Şirkətinin büdcəyə 2 milyard 680 milyon manat ödəməsi proqnozlaşdırılmışdı.
Ən təəccüblüsü ABƏŞ-lə bağlıdır. ABƏŞ-in neft ödəmələri 2009-cu ildə 1 milyard 230 milyon manat olduğu halda, 2010-cu ildə bu rəqəm birdən-birə 330 milyon manata endirilir. Deməli, ABƏŞ bu ilə nisbətən gələn il dövlətin büdcəsinə 3,5 dəfə aşağı ödəmə ödəyəcək. Keçən il neftin qiyməti 70 dollar nəzərdə tutulmuşdu, bu il bu qiymət 45 dollardır. Sual olunur, neftin qiyməti 1,6-1,7 dəfə aşağı götürüldüyü halda, nəyə görə ABƏŞ-in vergi ödənişi 4 dəfə aşağı endirilməlidir? Həm də nəzərə alaq ki, dövlət gələn il neft hasilatını 15 faiz artırmağı nəzərdə tutmuşdu. Neft hasilatı 44 min tondan 53 min tona çatdırılacaq. Bunun əsas hissəsi bütünlüklə ABƏŞ-in hesabına olacaqdır. Başqa sözlə, qiymət aşağı düşsə də, hasilat artır. Belə olan təqdirdə ABƏŞ-in vergi ödəmələrinin birdən-birə 4 dəfə aşağı salınması başa düşülən deyildir və elə bilirəm ki, hökumət buna da aydınlıq gətirməlidir.
Mənim toxunmaq istədiyim 3-cü məsələ vergi borcları ilə bağlıdır. Məndən əvvəl həmkarlarım bu məsələyə toxundular. Amma məsələnin ciddi olduğunu nəzərə alaraq mən də bu barədə öz fikirlərimi bildirmək istəyirəm. 2009-cu ilin iyun ayının 1-nə vergi borclarının həcmi Azərbaycanda 5 milyard 372 milyon manat olmuşdur. Müqayisə üçün deyim ki, 1 il əvvəl, yəni 2008-ci ilin iyun ayının 1-də bu rəqəm 3 milyard 465 milyon manat olmuşdur. Göründüyü kimi, 1 il ərzində vergi borcu 1 milyard 907 milyon manat, yəni 2 milyard manata qədər artmışdır. Ötən illə müqayisədə ən çox borc artımı özəl sektorda olmuşdur. Özəl sektorun borc artımı 1,2 milyard manat artaraq 2,3 milyard manatdan 3,5 milyard manata qədər artmışdır. Dövlət sektorunun borcu isə 700 milyon manat artaraq 1 milyard 71 milyon manatdan 1 milyard 772 milyon manata çatmışdır. Rəqəmlərdən aydın olur ki, özəl sektorla dövlət sektorunun birgə borcu 1,9 milyard manat artmışdır. Göründüyü kimi, büdcəyə 5 milyard 372 milyon manat vergi borcu olduğu halda, büdcəni doldurmaq üçün Dövlət Neft Fondundan 4 milyard 915 milyon manat götürülür. Sual olunur ki, niyə? Hansı səbəbdən hökumət böhran ilində vergi intizamını möhkəmləndirmək üçün təcili tədbirlər həyata keçirmir? Hökumət vergi borcunun bu artımına da aydınlıq gətirməlidir.
Ən nəhayət, gəlirlərlə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Bu, Dövlət Gömrük Komitəsinin ödənişləri ilə bağlıdır. Bu il Dövlət Gömrük Komitəsinin ödənişlərinin 200 milyon manat azalacağı proqnozlaşdırılır. Ödənişlər 1,3 milyard manatdan 1,1 milyarda endirilir. Halbuki hökumət gələn il idxalın həcminin artacağını proqnozlaşdırır. Belə olan halda ödənişlər nədən azalmalıdır? Mən bu suala nə Hesablama Palatasının, nə də hökumətin büdcə ilə bağlı hesabatında cavab tapa bilmədim.
Bir-iki kəlmə də xəzinə ilə bağlı demək istəyirəm. 2010-cu ilin büdcə layihəsinin sosial xərclərində azalmalar təəccüb doğurur. Təhsil xərcləri 5,6 faiz və ya 75 milyon manat azalır. Ən çox azalma isə orta təhsil xərclərindədir. Burada azalma 11 faiz olmaqla 766 milyon manatdan 682 milyon manata endirilir. Gələn il hər bir şagird üçün xərc 545 manatdan 500 manata düşəcəkdir. Orta təhsil xərclərinin birdən-birə 83 milyon manat azalmasının səbəblərinə niyə aydınlıq gətirilmədi? Eləcə də ümumdövlət xidmət xərclərinin 6,9 faiz, hüquq mühafizə xərclərinin isə 4 faiz artması müqabilində səhiyyə xərclərinin 5,8 faiz və yaxud 29,5 milyon manat azalması hansı zərurətdən irəli gəlir? Heç kimə sirr deyil ki, gələn il ölkədə sosial vəziyyət bir qədər ağırlaşacaqdır. Bu baxımdan istər pensiyada, istərsə də ünvanlı sosial yardımda artımların nəzərdə tutulmaması təəccüb doğurur. 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də ünvanlı sosial yardıma 210 milyon manat vəsait nəzərdə tutulur. Halbuki bu il hökumət ehtiyac meyarının məbləğini 20 manat artırmaqla 45 manatdan 65 manata çatdırır. Ehtiyac meyarı artacaqsa, məntiqlə ünvanlı sosial yardım da artmalı idi. Əgər bu artım yoxdursa, bu o deməkdir ki, gələn il ünvanlı sosial yardım alanların sayı azalacaqdır.
Nəhayət, məni ən çox təəccübləndirən kənd təsərrüfatındakı azalmadır. Gələn il dövlət büdcəsində kənd təsərrüfatı üçün xərclər 3,4 faiz azalır. İndiki dövrdə kənd təsərrüfatının ən həssas bir sahə olduğunu nəzərə alaraq gözləyirdik ki, bu sahəyə ayrılan vəsait artacaqdır. Düzdür, aqrar sektora ayrılan pullar heç də əksər vaxtı öz təyinatı üzrə xərclənmir. Ancaq bu bizə əsas vermir ki, aqrar sektorun indiki ağır böhranlı vəziyyətində ora ayrılan vəsaiti azaldaq. Bütün bu sadaladıqlarımı, həmçinin bu layihənin iqtisadi-sosial inkişafı stimullaşdırmadığını nəzərə alaraq onun geri qaytarılmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Biz növbəti dəfə ölkəmizin ali iqtisadi maliyyə qanununu müzakirə edirik. Mən çox təəssüf edirəm ki, bu müzakirələr vaxtı zaman və məkan daxilində məsələlərə bəzən münasibət bəslənilmir, iclasda statistik və çox arqumentsiz fikirlər səslənir. Biz sıçrayışlı iqtisadi inkişafdan, zamanın gərdişindən və dünyada gedən qlobal böhrandan belə vəziyyətə düşmüşük ki, böhran dövrünün büdcəsini müzakirə edirik. Məhz bu baxımdan biz büdcəni qiymətləndirməliyik. Çox təəssüf ki, dünyada gedən proseslər, elə bil, bizim Milli Məclisin divarlarından çox kənarda qalıb.
Mən Maliyyə Nazirliyinə minnətdaram ki, bizə təqdim edilən sənədlərin içərisində bəzi diletant həmkarlarımız üçün dünyada gedən proseslərlə Azərbaycan iqtisadiyyatının necə balanslaşdırılması ilə bağlı bir sıra rəqəmlər göstərilib. Bu rəqəmlərə baxanda və dünyadakı qlobal iqtisadi məsələləri müzakirə edəndə büdcəmizə bir az başqa cür baxmalıyıq. İstəyirəm, bu ilin büdcəsinin siyasi adını bir daha səsləndirəm: Bu, balanslaşdırılmış büdcədir. Bu büdcədəki bütün məsələlər balanslaşdırılıb. İkincisi, ehtiyatlı iqtisadi davranış büdcəsidir, eyni zamanda, konservativ büdcədir. Ən əsas məsələ ondan ibarətdir ki, bizim büdcəmiz dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinin prioritetlərindən biri olan sosial yönümə malikdir. Bu gün bunu heç kim təkzib edə bilməz.
Büdcə əsaslandırılmış şəkildə təqdim edildi və bu təqdimat zamanı biz bir sıra məsələləri özümüz üçün aydınlaşdırdıq. Mən büdcəni təqdim edən yoldaşlara bir daha öz minnətdarlığımı bildirirəm. Mən həm möhtərəm maliyyə nazirinin, həm Mərkəzi Bankın sədrinin, həm Hesablama Palatası sədrinin, həm də iqtisadi inkişaf nazirinin dedikləri fikirlərə, proqnozlara diqqətlə qulaq asdım. Beləliklə, bizim üçün tam aydın oldu ki, indiki böhran dövründə Azərbaycan Respublikasının 2010-cu il büdcəsi balanslaşdırılmış büdcədir. Vizual olaraq görünən bir məsələni istəyirəm aydınlaşdıram. Azalma məsələsi burada tez-tez səslənir. Əgər biz azalmanın mahiyyətinə varsaq nə görərik? Birincisi, 2009-cu ilin real göstəricilərindən 2010-cu ilin göstəriciləri inkişaflıdır. İkinci, çox ehtiyatlı addım atılıb, neftin qiyməti 45 dollardan hesablanıb. Bu bizə imkan verir ki, ilin ortasında büdcənin gəlirlərini bölək və bu məsələyə yenidən baxaq.
Başqa məsələ. Nəyin hesabına büdcə kəsiri yaranıb? Rəqəmlər burada səsləndi. Bu, daxili, xarici borclanma hesabınadır, qiymətli kağızlarla bağlı olan məsələdir. Bütövlükdə əhalinin sosial durumuna təsir etməyən göstəricilərdir, bunlar sosial məsələlərə heç bir təsir göstərməyəcək.
Mən rəqəmləri sadalayıb sizi yormaq istəmirəm, onlar hamınızda var. Ancaq bir rəqəmi xüsusi olaraq vurğulamaq istəyirəm. Sosial məqsədlərə birbaşa ayırmalar büdcənin 34,4 faizini təşkil edir. Bu da ötən ilin göstəricilərinə görə 1,8 faiz çoxdur. Digər müsbət məqam nədən ibarətdir? Bu ilin büdcəsində sahibkarlığa dəstək elementləri artıbdır. Bildiyiniz kimi, sahibkarlığa dəstək sosial müdafiənin ən vacib qollarından biridir. Bu gün vergi dərəcələrinin azalması, vergi sistemində gedən islahatlar bunu bir daha sübut edir. Xüsusi vurğulamalıyıq ki, faiz olaraq mənfəətdən vergilərin azalmasına baxmayaraq, vergi proqnozlarında vergi həcmi, demək olar ki, eyni cür qalıb. Bu da vergi orqanlarının daha gərgin işləməsinə şərait yaradacaq.
Sosial müdafiənin digər elementlərini xüsusi vurğulamaq istəyirəm. Sahibkarlığa dəstək yenə də davam edəcək. Bu məsələlərə 44 milyon manat vəsait ayrılıb. Əvvəldən verilən vəsaitlərdən gələn faizlərin özü də sahibkarlığa xeyli kömək edəcək.
Digər bir məsələ ehtiyac meyarının gələn il üçün 65 manat nəzərdə tutulmasıdır ki, bu da ünvanlı sosial yardıma ayrılacaq vəsaitdə özünü göstərəcək. Yoldaşlar dedilər ki, ünvanlı sosial yardıma ayrılan vəsait eyni səviyyədə qalıbdır. Bu o demək deyil ki, ünvanlı yardım alanların sayı azalacaq. O rəqəmlər bütövlükdə əhalinin güzəranının yaxşılaşmasına kömək edəcək. İpoteka ilə bağlı məsələlər qüvvədə qalıb. Bu da bizi sevindirən məsələlərdir.
Bizim büdcənin bir sıra özəllikləri var. Özəlliklərin biri bir neçə dəfə təkrar olunub. Möhtərəm Prezidentimizin dövlət quruculuğu modelində önə çəkdiyi məsələlərdən biri proqramlarla idarəetmə, proqramlarla maliyyələşmədir. Bu, əlbəttə, maliyyə vəsaitlərindən daha səmərəli istifadə etməyə kömək edəcək. Burada möhtərəm maliyyə naziri dedi ki, hansı proqramlar necə maliyyələşdiriləcək.
İkinci, dağ rayonlarına gedən kadrlarımızın həm əmək haqlarının, həm də onlara birbaşa verilən yardımların artırılması da sosial müdafiəni gücləndirə bilər. Mən büdcəmizin müsbət məziyyətlərini çox sadalaya bilərəm. Amma istəyirəm, bir sıra təklif və mülahizələrimi söyləyəm. Birincisi, regionların iqtisadi inkişaf proqramı həyata keçirilir. Mən istəyirəm, xüsusi vurğulayım ki, region mərkəzləri bu proqramın içərisində daha çox diqqət mərkəzində olmalıdırlar. Lənkəran region mərkəzidir. Burada iqtisadi inkişaf gedir. Həqiqətən, rayonda çox böyük quruculuq işləri görülür. Bu gün sosial-iqtisadi inkişafın Lənkəran modeli var. Burada həm emal müəssisələri inkişaf edir, həm də mədəni məsələlər. Bütün bunlara baxmayaraq, burada bir sıra məsələlərə ehtiyac var. Mən nazirimizə minnətdaram ki, həmişə Lənkərana qayğı göstərir. Burada beynəlxalq tədbirlər keçirilir. Lənkəranın maliyyələşməsinə, infrastrukturunun inkişafına bir az da vəsait artırılsa, yaxşı olardı.
Başqa bir məsələni də demək istəyirəm. Oqtay müəllim, mən təəssüf edirəm ki, bəzən investisiya layihələrinə milyardlarla pul qoyuruq, sonra bundan istifadə etmirik. Bir var, səmərəsiz istifadə edəsən, bir də var, heç istifadə etməyəsən. Lənkəranda böyük vəsait hesabına beynəlxalq hava limanı tikilibdir. Çox təəssüf ki, bircə dəfə açılışa qonaqlar gəlibdir. O gündən bu günə qədər bağlıdır. Nə üçün bağlıdır? Məgər bu gün o bölgədən Moskvaya, Dubaya gedən yoxdur? Niyə bundan istifadə etmirik? Biz buna diqqət yetirməliyik. Mən hesab edirəm ki, büdcəmiz balanslaşmış, böhrana davamlı büdcədir. Ən başlıcası isə sosial yönümlüdür. Deputat həmkarlarımı bu büdcəyə səs verməyə çağırıram. Minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Cənab Sədr, hörmətli nazirlər, hörmətli qonaqlar və hörmətli deputat həmkarlarım! Bu gün zamanın tələblərindən irəli gələn bir baxımda biz növbəti il üçün ölkəmizin büdcəsini müzakirə edirik. Bu müzakirələrin ölkənin sosial-iqtisadi və siyasi taleyi üçün böyük rol oynadığını da yaxşı hiss edirik. Burada səsləndi ki, büdcəmiz struktur etibarilə təkmil, balanslaşdırılmış, ahəngdar bir büdcədir. Əgər əvvəlki illərlə müqayisə etsək, bu büdcə layihəsi tamamilə yeni, beynəlxalq və demokratik ənənələri özündə əks etdirən bir sənəd kimi müzakirəmizə təqdim edilmişdir.
Şübhəsiz ki, burada səslənən çıxışlara böyük hörmətlə yanaşıram. Amma bəzi həmkarlarımız yeni ildə ölkəmizdə böyük sosial gərginliyin, sosial fəlakətin gözlənilməsi barədə fikir söylədilər. Cənab Sədr, hörmətli deputat həmkarlarım, mən hesab edirəm ki, bunlar tamamilə həqiqətdən uzaq, həqiqətə uyğun olmayan fikirlərdir. Çünki müzakirə etdiyimiz sənəd həm nəzəri, həm də praktik baxımdan olduqca mükəmməl bir sənəddir. Dünya təcrübəsində belə bir reallıq vardır ki, əgər atılan hər hansı bir addım və yaxud görülən iqtisadi tədbirlər bu və ya digər mənada orta təbəqənin və regionların sosial-iqtisadi inkişafına xidmət edirsə, deməli, bu zaman heç bir iqtisadi təhlükədən söhbət gedə bilməz.
Bu gün müzakirə etdiyimiz büdcədə əhalinin güzəranının təmin edilməsi, balanslaşdırılması və necə deyərlər, dünyanın mövcud qaydalarına, ənənələrinə uyğunlaşdırılması özünü göstərir. Burada bir fikir səslənirdi ki, nə üçün büdcə kəsiri yenə də artırılmışdır? Əlbəttə, büdcə kəsirinin artırılmasını fəlakət kimi qəbul etmək düzgün deyildir. Bizim hörmətli nazirlərimiz də, Mərkəzi Bankın rəhbəri də, çıxış edən deputat həmkarlarım da bunu tamamilə əsaslandırdılar.
Amma mən bir məsələni demək istəyirəm. Əgər büdcənin kəsiri varsa, büdcə kəsiri müəyyənləşdirilibsə, əlbəttə, müvafiq orqanlar tərəfindən bu kəsirin ödənilməsi üçün mənbələr də dəqiqləşdirilmişdir. Bu büdcəni tərtib edənlər və Hesablama Palatası tərəfindən irəli sürülən fikirlər həm nəzəri, həm də praktiki baxımdan heç də bizim baxışlarımızdan aşağı səviyyədə deyil. Ona görə də mən əminəm ki, verilən rəqəmlər tamamilə həqiqəti əks etdirir. Biz məsələyə müqayisəli şəkildə yanaşmalıyıq. Əgər bizim büdcəmiz 2003-cü ilin büdcəsinin səviyyəsindən 10 dəfə artıqdırsa və dünyada qlobal böhranın getdiyi şəraitdə Azərbaycan Beynəlxalq İqtisadi Forumda 69-cu yerdən 18 pillə sıçrayaraq 51-ci yerdə bərqərar olursa və bu, dünya miqyasında yeganə göstəricidirsə, keçmiş SSRİ məkanında Azərbaycan yalnız bu göstərici üzrə Estoniyadan geri qalırsa, deməli, bu böyük uğurdur, nailiyyətdir. Böhran dövründə əmanətlərimizin 15 faiz artması, ümumi daxili məhsulun artım tempi, dövlət büdcəsində ayrı-ayrı xətt strukturlarının təkmilləşdirilməsi büdcəmizin normal və ahəngdar olduğunu bir daha təsdiqləyir.
Burada neftin qiyməti barədə fikirlər söylənildi. Mən hesab edirəm ki, enerji resurslarının qiymətlərinin artması, azalması barədə heç bir ekspert dəqiq məlumat verə bilməz. Əgər neftin qiymətinin 45 dollar müəyyən edilməsinə şübhə ilə yanaşırıqsa, sonra gələcəkdə bu 5, 10, 20 dollar artacaqsa və aprel–may aylarında müzakirə zamanı biz bunu görəcəyiksə, burada nə qəbahət vardır? Burada başqa bir qəbahət görmürəm və ona görə də burada neftin qiymətinin artırılması barədə ciddi təkidlərin səslənməsi o qədər narahatlıq doğurmamalıdır.
Mən bir məsələni də demək istərdim. Regionlarımızın sosial-iqtisadi inkişafı və əmlak bazarının təkmilləşdirilməsi üzrə ölkəmizdə aparılan işlər iqtisadi demokratiyanın Azərbaycanda daha yaxşı bərqərar olmasından xəbər verir. Azərbaycan indi dünyanın bütün ölkələrində, dünyanın bütün məkanlarında özünün iqtisadi tərəqqisi ilə diqqəti cəlb edir. İndi əgər büdcə kəsirindən danışarkən narahatlıq varsa, əlbəttə, bilməliyik ki, qiymətli kağızlar bazarı da fəallaşır. İnsanların öz vəsaitini istehlaka, yığıma cəlb etməsi və beləliklə də, ölkədə inflyasiyanın qarşısının alınmasına qarşı addım atılmasının özü də reallıqdır və bunu heç kəs inkar edə bilməz. Mən güman edirəm ki, bizdən sonra çıxış etmək niyyətində olan həmkarlarımız var. Vaxtımız da məhduddur və büdcəmizin əvvəlki illərlə müqayisədə təkmil, reallıqlara uyğun olduğunu nəzərə alaraq, mən böyük zəhmət çəkib büdcəni tərtib edənlərə öz adımdan təşəkkür edirəm. Hesab edirəm ki, həmkarlarım yekdilliklə büdcəmizin qəbul olunmasına səs verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənim həmkarlarımdan bir xahişim var. Bəzən bir çıxışa çox fikir veririk və ondan çox danışırıq. Ona görə də hərə öz fikrini deməlidir. Hər kəsin öz fikri var. Əgər yadımıza salsaq, Azərbaycanda iqtisadi artım 26 faiz də, 30 faiz də olanda yenə eyni şeylər danışılırdı. Yenə büdcəni geri qaytarmaq istəyirdilər. Mən ona görə imkan yaratdım ki, Maliyyə Nazirliyi də, Hesablama Palatası da, digərləri də öz fikirlərini bildirsinlər və biz əgər bu rəyləri dərindən oxumamışıqsa, bir də qulaq asaq. İndi hər kəsin öz fikri var, xahiş edirəm, fikirlərinizi onların üstündə qurmayın. Aydın Həsənov.
A. Həsənov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Müzakirəmizə təqdim olunmuş 2010-cu ilin dövlət büdcəsinin layihəsi hərtərəfli, əsaslandırılmış şəkildə hazırlanıb. Təbii ki, dünya iqtisadiyyatının tənəzzüldə olduğu bir vaxtda 2010-cu il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə mühafizəkar yanaşılmışdır. 2008–2009-cu illərin büdcələrinin artım sürətinə nisbətən az proqnozlaşdırılması zəruri addımdır.
2010-cu il dövlət büdcəsinin gəliri 10 milyard 0,5 milyon manat təşkil etməklə, ümumi daxili məhsulun 31,5 faizi həcmində olacaq. 2010-cu il dövlət büdcəsinin xərcləri 11 milyard 264 milyon manat proqnozlaşdırılmaqla ümumi daxili məhsulun 35,4 faizi həcmindədir.
Layihədən görünür ki, konsepsiya və proqnozların hazırlanması prosesində 2008-ci ilin yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyillərinin artması ehtimalı, neftin qiymətinin kəskin şəkildə artıb-azalması və digər amillər nəzərə alınmışdır. 2010–2013-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanan zaman beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və həmin proqnozlara təsir edən bütün amillər nəzərə alınmışdır. Bu qurumların və digər beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozları müsbətdir.
Hesab edirəm ki, Azərbaycanın sürətli inkişafı, xarici ticarət əlaqələrinin nəzərəçarpacaq dərəcədə genişlənməsi 2010-cu ilin dövlət büdcəsi layihəsinin hazırlanmasına öz təsirini göstərib. Xüsusilə büdcənin sosial yönümlü olması sıravi vətəndaşlar arasında razılıqla qarşılanmışdır. Seçicilərimlə görüş zamanı aldığım təəssüratlar bunu deməyə əsas verir ki, büdcə layihəsi bütün komitələrdə hökumət nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunduğu üçün çox danışmağa ehtiyac qalmır.
Fürsətdən istifadə edib, seçildiyim və respublikada ən böyük təsərrüfat rayonlarından biri olan Cəlilabad rayonunun sosial-iqtisadi vəziyyəti barədə qısa məlumat vermək istərdim. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabad rayonu da sürətlə inkişaf edir. Əhalinin sosial problemləri, o cümlədən işsizlik aradan qaldırılır. Xüsusilə rayonun abadlaşdırılması prosesi daim diqqət mərkəzindədir və hazırkı nəticələr çox ürəkaçandır. Bütün Cəlilabad sakinləri bu inkişafdan razılıq edir və onlara olan diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz təşəkkürlərini bildirirlər. Cəlilabad sakinlərinin yeganə problemi kəndarası yolların bərbad vəziyyətdə olmasıdır. Demək olar ki, bu, rayonun ən böyük problemidir. Xüsusilə payız və qış aylarında kənd sakinləri yolların bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər. Məktəbə, xəstəxanalara, rayon məktəblərinə gediş-gəliş çətinləşir. Bəzi hallarda isə mümkünsüz olur.
Bir də, bizim rayondakı 2 saylı orta məktəb və Sabirabad rayonundakı 1 saylı məktəb qəza vəziyyətindədir. Bu barədə rəhbərliyə və nazirliyə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi həmin məktəbləri yoxlayıb və həqiqətən, qəza vəziyyətində olduğu üçün onları bağlayıb. Hazırda uşaqlar başqa məktəblərə köçürülüblər. Mən maliyyə nazirindən xahiş edirəm ki, 2010-cu ildə həmən məktəblərin yenidən tikilməsinə lazımi köməklik göstərsin.
Mən hərbçi olduğum üçün mənə hərbçilərdən çoxlu müraciətlər gəlir. Xahiş edirəm, silahlı qüvvələrdə uzun müddət xidmətdə olan və hazırda ehtiyata buraxılan zabitlərin təqaüdünün artırılmasına lazımi köməklik göstərəsiniz. Mən rayonumun əhalisinin arzusunu da bildirmək istəyirəm. Xahiş edirəm, bu problem hökumət səviyyəsində həll edilsin. Nazirlər Kabinetindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, 2010-cu ilin dövlət büdcəsindən Cəlilabad rayonu üçün nəzərdə tutulan vəsait mümkün qədər artırılsın. Kənd yollarının təmir-bərpa prosesi başlanarsa, bu, cəlilabadlıların sevinclə qarşıladıqları ən böyük hadisə olar. Mən bu layihənin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Görürəm ki, hamı yorulub, sabah iclasımızı davam etdirərik. Sağ olun.