13.11.2009 - tarixli iclasın stenoqramı
MİLLİ MƏCLİSİN İCLASI
13 noyabr 2009-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 89
Yetərsay 83
Çox sağ olun, yetərsay var. Büdcə zərfinə daxil olan məsələlərin müzakirəsini davam etdiririk. Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqındadır. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, dəyərli hökumət üzvləri, hörmətli millət vəkilləri! Büdcə zərfinin parlamentlərdə müzakirəsi dünyanın bütün ölkələrində siyasi fəallığa, geniş polemikalara səbəb olur, haqlı və bəzən haqsız iradlarla, təklif və arzularla müşayiət olunur. Azərbaycan Respublikasının Milli Məclisi də bu ənənələrdən və meyllərdən xali deyildir. Dünən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunduğu əlamətdar bir günü xalqımız qeyd etdi, onun bizə verdiyi hüquq və azadlıqlar bir daha yada salındı.
Azərbaycan Respublikası Konstitusiyasının ən böyük məziyyətlərindən biri məhz maddələrinin üçdə iki hissəsinin vətəndaşların sosial müdafiəsinin daim güclənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsidir. Ali qanunumuz Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial müdafiə sistemində də əsaslı və geniş islahatlar tələb edirdi. Bu çətin islahatlar ulu öndərimiz Heydər Əliyev dühasının cəsarətli, ardıcıl siyasəti, xarizması və bilavasitə adı ilə bağlıdır, onun siyasi iradəsinin məhsuludur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən ilin sonunda imzaladığı “2009—2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” məhz bu məqsədlərə xidmət edən sənədlərdəndir və bu sistemin daha dərin strukturlaşmasına və sistemləşməsinə yönəlmişdir. Ölkəmizdə sığorta sisteminin müavinət sistemindən ayrılması, sosial müdafiənin ünvanlanlığının təmin olunması dövlət quruculuğunun böyük uğurlarındandır.
Sizinlə birgə yaratdığımız hüquqi baza nəticəsində 2006-cı ildən ölkədə sığorta sisteminin həmrəylik prinsipi fərdi uçot prinsipi ilə əvəzlənmişdir. Bütün bu işlər Dövlət Sosial Müdafiə Fondunda informasiya kommunikasiya texnologiyalarının tələblərinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, pensiya və sığorta ödənişlərinin bankomatlar vasitəsilə əhaliyə çatdırılması ölkə üzrə artıq 97 faizi ötmüşdür. Bütün pensiya sənədləri kompyuter bazasına köçürülmüş, hesablanma və nəzarət sistemi sadələşdirilmişdir. Sığortaya cəlb olunanların sayı ilbəil artır, yayınmalar xeyli azalmışdır. Dövlət Sosial Müdafiə Fondunun yığım əmsalı bu hesaba yüksəlmişdir.
İcazə verin, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin bəzi rəqəmlərini diqqətinizə çatdırım. Sizə paylanan layihədə gələn il üçün Fondun büdcəsinin mədaxil hissəsi 1 milyard 775 milyon 721 min 620 manat olmaqla məxaric hissəsi də bir o qədər müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsi, əsasən, məcburi sığorta yığımları hesabına formalaşdırılır. Sevindirici haldır ki, bu yığımın təkcə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən olan hissəsi son 3 ildə iki dəfə artaraq gələn ilə 30 milyon manata çatdırılmışdır.
Dünyada gedən iqtisadi-maliyyə böhranı və onun fəsadları Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən də yan keçməmişdir. Belə vəziyyətdə ölkə başçısı Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən transfert hissəsini əvvəlki illərə nisbətən xeyli artıraraq 533 milyon 705 min manata çatdırmışdır. İlk baxışda müzakirə edəcəyiniz büdcənin icmal rəqəmləri ötən ilin müvafiq göstəricilərindən qismən, yəni 18 milyon manat aşağıdır. Azalma görüntüsünü kiçik təhlillə həmkarlarım üçün aydınlaşdırmaq istərdim.
Dövlət büdcəsinin bu maliyyə ili üçün gözlənilən yekunları göstərir ki, ölkəmizdə inflyasiya həddi 1 faizdən bir az yuxarı olacaqdır. Belə olan təqdirdə əvvəlki ildə pensiyaların sığorta hissəsinin indeksləşməsi üçün faktiki olaraq ödənilmiş 50 milyon manatadək vəsait Dövlət Sosial Müdafiə Fondunda toxunulmamış qalacaqdır. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda işlərin mütərəqqi üsullarla təşkili nəticəsində rabitə xərclərinə, aparatın saxlanması üçün ayrılan vəsaitə 2 milyon manata qədər qənaət ediləcəkdir. Digər tərəfdən, əmək pensiyaları sistemində aparılan ardıcıl islahatlar maliyyə resurslarından daha səmərəli istifadə etməyə imkan yaradır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa son əlavə və dəyişikliklər bir tərəfdən pensiyaların artırılması üçün çəkilən məsrəfləri təxminən 10 milyon manatdan çox artırsa da, digər tərəfdən 7 milyon manata qədər vəsaitə qənaət olunur. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin azalma görüntüsü, əslində, faktiki olaraq 50 milyon manat artımla formalaşacaqdır.
Hörmətli deputat həmkarlarım, son illərin büdcə layihələrinin müzakirəsi təcrübəsi göstərir ki, bizim tənqidi qeydlərimiz, fikir və mülahizələrimiz diqqətsiz qalmır, düzəliş və dəyişikliklərlə müşayiət olunur. Sevindirici haldır ki, bu tendensiya Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də əks olunmuşdur. Bu tribunadan səsləndirdiyimiz bir fikrin indiki büdcədə özünün müsbət həllini tapması təqdirəlayiqdir. Əvvəllər insanların xəstələnəndən sonra müalicəsi önə çəkilir və bu məqsədlərə daha çox vəsait ayrılırdısa, indi onların sağlamlığının qorunması və bərpasına üstünlük verilir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsində kurort və sanatoriya xidmətləri üçün cəmi 6 milyon manat vəsait ayrılmışdısa, həmin məbləğ bu il 10 milyon manatı ötmüşdür.
Göstərilən müsbət meyillərə baxmayaraq, pensiyaçıları düşündürən və həllini tapa bilməyən bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu məsələnin həlli üçün Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə birgə çalışırıq, yollar axtarırıq. Bunun maliyyə tutumu bizi düşündürür. Təəssüflə qeyd olunmalıdır ki, eyni iş sahələrində çalışmasına və eyni göstəricilərə malik olmasına baxmayaraq, 2005-ci ilin sonuna qədər pensiyaya çıxmış vətəndaşlarla 2006-cı ildən pensiyaya çıxanların aldıqları pensiyalar arasında qeyri-mütənasiblik bu gün də qalmaqdadır. Düşünürəm ki, ölkə rəhbərinin bu problemlərin həllinə pozitiv münasibəti, Fondun rəhbərliyinin yüksək peşəkarlığı və bacarığı 2010-cu ilin büdcə imkanları daxilində məsələlərin həllinə imkan verəcəkdir.
Hörmətli deputat həmkarlarım, tam əminliklə deyə bilərəm ki, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi bugünkü reallıqlara cavab verir, məqbuldur və tarazlaşdırılmışdır. Həmkarlarımı bu büdcəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümova söz verilir.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın müasir qloballaşma dövrünün reallıqlarına cavab verən müstəqil milli iqtisadiyyatının formalaşdırılması bazar iqtisadiyyatı mühitində əhalinin sosial müdafiəsinin uğurla reallaşdırılmasına etibarlı zəmin yaratmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Həmin modelin əsas tərkib hissəsi olan sosial pensiya sistemi 2009-cu ildən etibarən öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələni sistemin özü-özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunmasını ifadə edən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş, 2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı müəyyənləşdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcə layihəsi hazırlanarkən adı çəkilən dövlət proqramı ilə müəyyən olunmuş əsas məqsəd və vəzifələr, eləcə də ölkə iqtisadiyyatının başlıca inkişaf meyilləri və proqnozları, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin icrası üzrə gözlənilən nəticələr, ölkənin demoqrafik inkişaf meyilləri və sığorta-pensiya sistemində baş vermiş dəyişikliklər əsas götürülmüşdür. Bu proqnozlar, parametrlər, sosial müdafiə siyasəti tədbirləri aşağıdakıları özündə birləşdirir:
Birincisi, ölkənin makroiqtisadi inkişafının sığorta sisteminə birbaşa təsir edən göstəricilərdir. 2010-cu il ərzində orta aylıq əmək haqqının 2009-cu ilə nisbətən 16,8 faiz artaraq 339,2 manata çatacağı, inflyasiyanın 3 faizli səviyyəsi, iqtisadiyyatda məşğul olanların sayının 20 min nəfər artaraq 4 milyon 85 min nəfərə çatacağı, o cümlədən muzdla işləyənlərin sayının 13,2 min nəfər artacağı proqnozlaşdırılır.
İkincisi Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin icrası üzrə gözlənilən nəticələridir. Bu ilin sonuna Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozlaşdırılan 1 milyard 775 milyon manata qarşı 1 milyard 540 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə 1 milyard 42 milyon manat təşkil edəcəyi gözlənilir. Məcburi dövlət sosial sığorta haqları üzrə proqnozun 236 milyon manat az icra olunmasının əsas səbəbi ölkə üzrə inflyasiyanın proqnozlaşdırılan 20 faizlik səviyyəsinin əvəzinə minimumla ifadə olunması və əmək haqqının 2009-cu ildə nəzərdə tutulan 35 faizlik artımına qarşı faktiki 16,7 faizlik artımının gözlənilməsidir. Dövlət büdcəsindən transfertin, büdcə təşkilatlarına daxil olacaq məcburi dövlət sosial sığorta haqlarının proqnoz və faktiki göstəriciləri arasındakı fərq qədər artırılacağı da daxil olmaqla 100 faiz icra olunacağı nəzərdə tutulur. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərinin 2009-cu il üçün 1 milyard 695 milyon manat təşkil ediləcəyi gözlənilir və xərclərin nəzərdə tutulduğundan təqribən 80 milyon manat az icrası 2009-cu ildə ölkədə inflyasiya olmadığına görə pensiyaların baza hissəsinin proqnozlaşdırılan artımının reallaşdırılmaması ilə bağlıdır.
Üçüncüsü, 2010-cu ildə ölkənin demoqrafik inkişaf meyilləri və sığorta-pensiya sistemində nəzərdə tutulan dəyişikliklərdir. Bunlara növbəti ildə respublikada doğulacaq uşaqların sayının 152 min nəfər olması və doğulan uşağa görə verilən müavinətin 50 faiz artırılaraq 75 manata çatdırılacağı, sığorta-pensiya sistemini müxtəlif səbəblərə görə tərk edəcək şəxslərin sayının 43 min nəfər olacağı, pensiyaçıların orta illik sayının 16 min nəfər artacağı, əmək pensiyalarının baza hissəsinin ölkədəki inflyasiya faizindən az olmamaqla artırılacağı, həmçinin sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməyərək sabit saxlanılacağı, eləcə də “Əmək pensiyaları haqqında” Qanuna bu yaxınlarda edilmiş dəyişikliklər aiddir.
Bütün bunlar nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün büdcəsinin gəlir və xərcləri 1 milyard 757,2 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası üzrə gözlənilən nəticədən, yəni 1 milyard 695 milyon manatdan 62,2 milyon manat və ya 3,7 faiz yuxarıdır. Bu artımın 10,4 milyon manatının əmək pensiyalarının sayının artımına, 4,6 milyon manatının sosial sığorta haqlarının hesabına maliyyələşdiriləcək müavinətlərin artımına, 7 milyon manatının sığorta-pensiya sisteminin inkişafı üzrə dövlət proqramında nəzərdə tutulan tədbirlərə, 40 milyon manatının isə pensiyaların baza hissəsinin artımına yönəldiləcəyi nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi balanslaşdırılmış, yəni kəsirsiz büdcə olduğundan onun tərtibi xərclərin proqnozlaşdırılmasından başlanır. Fondun növbəti ildə nəzərdə tutulan 1 milyard 757,2 milyon manat xərcləri aşağıdakılardan ibarət olacaqdır: Əhaliyə ödənişlərə 1 milyard 688,3 milyon manat və ya bütün xərclərin 96,1 faizi, o cümlədən pensiya ödənişlərinə 1 milyard 634 milyon manat və ya bütün büdcə xərclərinin 93 faizi yönəldiləcəkdir. Pensiya xərclərinin 1 milyard 139 milyon manatı və ya 69,7 faizi onların baza hissəsinin, 495 milyon manatı, yaxud 30,3 faizi isə sığorta hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
Qeyd etmək istərdim ki, 2009-cu ilin gözlənilən xərclərinə nisbətən növbəti ildə pensiyaların strukturunda müvafiq dəyişikliklər baş verəcəkdir. Belə ki, sığorta hissəsinin xüsusi çəkisi 3,2 bənd artacaq ki, bu da sığorta prinsiplərinin tədricən sistemdə daha çox üstünlük qazanması ilə bağlıdır. Ümumilikdə, növbəti ildə pensiyaçıların orta illik sayının 1 milyon 307 min nəfər olacağı gözlənilir. Bunlardan 850 min nəfərin yaşa görə,— bu, cari ilə nisbətən 9,8 min nəfər çoxdur,— 140 min nəfərin isə ailə başçısını itirdiyinə görə, – cari illə müqayisədə 1,5 min nəfər çoxdur,– pensiya alanlar olacağı proqnozlaşdırılır.
Sosial sığorta haqları hesabına maliyyələşdiriləcək müavinətlərə xərclərin 54,4 milyon manatı və ya 3,1 faizi nəzərdə tutulur. Bu xərclərin 19,2 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin, 18,8 milyon manatı hamiləliyə və doğuma görə müavinətin, 2 milyon manatı uşağın anadan olmasına görə müavinətin, 9,9 milyon manatı dəfn müavinətinin, 4,5 milyon manatı isə uşağa 3 yaşına qədər qulluğa görə müavinətin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Təbii ki, siz müqayisə edən zaman uşağın anadan olmasına görə müavinətin bu illə müqayisədə birdən-birə 66,7 faiz artdığını müşahidə edə bilərsiniz. Bu da əvvəl qeyd etdiyim kimi, növbəti ildən başlayaraq uşağın doğulmasına görə verilən müavinətin məbləğinin 50 faiz artırılaraq 50 manatdan 75 manata çatdırılacağı ilə bağlıdır.
Digər xərclər 69 milyon manat, bütün xərclərin 3,89 faizi qədər proqnozlaşdırılır ki, bu da cari ildə gözlənilən məbləğdən 7 milyon manat və ya 10,1 faiz çoxdur. Bu xərclərin 19 milyon manatı Dövlət Sosial Müdafiə Fondu orqanlarının saxlanması xərclərinə, 19 milyon manatı pensiya əmanətlərinin əhaliyə çatdırılması xərclərinə, 12,8 milyon manatı sığorta olanların sağlamlaşdırılması tədbirlərinə, 10,7 milyon manatı məşğulluq, 3,7 milyon manatı isə əlillərin sosial müdafiəsi tədbirlərinə yönəldiləcəkdir. Büdcə layihəsindən göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondunun saxlanılması xərcləri 2009-cu ilə nisbətən təqribən 2 milyon manata qədər azaldılmışdır ki, bu da “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklər nəticəsində növbəti ildən pensiya təyinatının avtomatlaşdırılması ilə bağlı təyinatla məşğul olan işçilərin sayının azaldılması və fondun maddi-texniki bazasının əsasən qurulub başa çatdırılması ilə bağlıdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbiidir ki, həm pensiya müavinətlərinin artımı, həm də onların vaxtında maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozlarda nəzərdə tutulan səviyyədə daxil olması başlıca şərtdir. Bu baxımdan Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əsas hissəsini təşkil edən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə tədbirlərin səmərəliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Növbəti ildə məcburi dövlət sosial sığorta haqlarının məbləği 1 milyard 220 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildə gözlənilən daxilolmadan 179 milyon manat və ya 17,2 faiz çox, 2009-cu ilin büdcə parametrlərindən isə 57 milyon manat və ya 4,5 faiz aşağıdır. Sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun bütün gəlirlərinin 69,5 faizini təşkil edəcək. Ümumilikdə, büdcə təşkilatlarında çalışanlar üzrə sosial sığorta haqları 525 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildə gözləniləndən 75 milyon manat və ya 16,7 faiz çox olmaqla bütün sosial sığorta haqlarının 43 faizini təşkil edir. Qeyri-büdcə sferası üzrə daxil— olmalar isə 696 milyon manat və ya 2009-cu ilin gözlənilən səviyyəsindən 104 milyon manat, yaxud 17,6 faiz çox nəzərdə tutulur. Bütün sığorta haqlarının 57 faizi bu daxilolmaların payına düşəcəkdir ki, bu da cari ilin səviyyəsindən 0,2 bənd yuxarıdır.
Məlum olduğu kimi, 2010-cu ildə sığorta haqlarının dərəcələri dəyişdirilməyərək sabit saxlanılacaqdır. Deməli, sosial sığorta haqlarının nəzərdə tutulan 179 milyon manat və ya 17,2 faizlik artımının 16,7 faizi orta aylıq əmək haqqının artımı hesabına, 0,5 faizlik hissəsi isə qeydiyyatda olan sığorta olunanların sayının artması hesabına təmin ediləcəkdir. Hazırda Fondda qeydiyyatda olan sığorta olunanların sayı 1 milyon 850,5 min nəfərdir ki, bunun da 1 milyon 394,2 min nəfəri muzdla işləyənlər, 456,3 nəfəri isə özü məşğul əhalidir.
Hörmətli millət vəkilləri, məlumat üçün diqqətinizə çatdırmaq istərdim ki, 2003-cü ildə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 302,4 min nəfər sığorta olunan qeydiyyatda olmuşdur. Son 6 il ərzində artım 548 min nəfər təşkil etmişdir ki, bu da yeni açılmış 589,4 min daimi iş yerinin hesabına təmin olunmuşdur. Növbəti ildə qeydiyyata alınmış sığorta olunanların sayının 1 milyon 906 min nəfərə çatdırılması nəzərdə tutulur ki, bunun da 1 milyon 420 min nəfərini muzdla işləyənlər təşkil edəcəkdir.
Göründüyü kimi, qeydiyyata alınan muzdla işləyənlərin sayının artması hesabına 20 milyon manat, özü məşğul olanların sayının artması hesabına 2 milyon manat, əmək haqqının artması hesabına isə 157 milyon manat sosial sığorta haqlarının artımı təmin ediləcəkdir. Beləliklə, 1 milyard 757,2 milyon manat xərclərin 1 milyard 221 min manatı toplanılacaq sosial sığorta haqlarının, 2,5 milyon manatı isə sair daxilolmaların, yəni sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilməsindən, keçmiş məşğulluq və əlillərin sosial müdafiə fondlarının verdikləri kreditlərin geri qaytarılmasından daxilolmalar və sair hesabına maliyyələşdiriləcəkdir.
Xərclərin qalan 533,7 milyon manatlıq hissəsi isə dövlət büdcəsinin transferti hesabına təmin olunacaqdır. Bu məbləğ transfertin cari ilə hesablanan məbləğindən təqribən 19 milyon manat az olacaqdır. Çünki cari ildə büdcə təşkilatlarından daxil olacaq sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsində nəzərdə tutulandan təqribən 92,7 milyon manat az olacağı, yəni bunun 80 milyon manatının, yəni 22 faizlik hissəsinin qanunun 6-cı maddəsinə uyğun olaraq transfertin artırılması şəklində fonda ödəniləcəyini nəzərə alaraq transfertin ümumi məbləğinin cari ildə 552,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Təbii ki, Dövlət Sosial Müdafiə Fondu öz xərclərinin tamamilə məcburi dövlət sosial sığorta aktları hesabına ötürülməsi üçün ardıcıl surətdə tədbirlər həyata keçirməkdədir. Lakin nəzərə almaq lazımdır ki, hazırda Dövlət Sosial Müdafiə Fondunda pensiya alan 1 milyon 305 min nəfər pensiyaçının 236,5 min nəfəri 1992-ci ilə qədər pensiyaya çıxanlar, – bildiyiniz kimi, sovet dövründə, ümumiyyətlə, sosial sığorta fondu mövcud olmamışdı, – 220,2 min nəfəri isə 1992–1997-ci illər ərzində, yəni “Sosial sığorta haqqında” Qanun qəbul edilənə qədər pensiyaya çıxan şəxslərdir. Bu insanların 1 illik pensiya xərcləri 570 milyon manat təşkil edir ki, bunun da əsas hissəsi büdcədən veriləcək transfertlə, yəni 533,7 milyon manatla örtüləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Diqqətinizə təqdim olunan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsi çox ciddi hesablamalar və təhlillər əsasında hazırlanmış və balanslaşdırılmışdır. Qeyd olunan büdcə ölkə Prezidenti cənab İlham Əliyevin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirdiyi ardıcıl tədbirlərin 2010-cu ildən etibarlı maliyyə təminatını ifadə edir. Bütün bunları nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsini dəstəkləməyi sizdən xahiş edirəm və diqqətinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Səlim müəllim. Müzakirəyə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak eləmək istəyənlər yazılsınlar. Gündəlikdə 6 məsələmiz var, mümkündürsə, çıxışları 5 dəqiqə eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, kim istəyirsə, 10 dəqiqə danışsın. Nazim Məmmədov.
N.Məmmədov. Çox sağ olun. Cənab Sədr, mənim sualım çox qısadır. Ümid edirəm ki, bu sual islahatlar baxımından diqqəti çəkəcək. Mən Səlim müəllimdən xahiş eləmək istəyirəm ki, bu məsələlərə aydınlıq gətirsin. Təbii ki, pensiya islahatları vacibdir, məcburidir, aparılmalıdır. Bilmək istərdim ki, özəl pensiya fondlarının yaradılması üçün hansı addımlar atılır?
İkinci, sosial sığortanın idarə olunması ilə bağlı nə yeniliklər ola bilər?
Üçüncü, pensiya alan şəxslər bankomatlarla bağlı problemlə əlaqədar bizə tez-tez müraciət edirlər. Danışdıq, bir il bundan qabaq Gədəbəyin bir bölgəsinə bankomat qoyuldu. Ancaq bir il də onun qoşulmasına lazımdır. Siz ödənişlərin aparılması üçün bir banka külli miqdarda vəsait xərcləyirsiniz. Olmazmı ki, diversifikasiya edəsiniz və bunu banklar arasında böləsiniz? Nəticədə bütün əhali udar, çünki şəhərdə də növbələr var, regionlarda da. İnsanlar 40-50 kilometr məsafə qət edirlər, orada da pul olmur. Xahiş edirəm, bu məsələləri islahatlar çərçivəsində izah edəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Biz müvafiq qanunlarda yazmışdıq ki, pensiyanın baza hissəsi ildə bir dəfədən az olmayaraq qaldırılacaq. Düzdür, bunu demişdik, amma bu il pensiyanın baza hissəsi dəyişməz qalır. Ona görə bilmək istərdim ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi pensiyanın baza hissəsini bu il qaldırmağı nəzərdə tutur, ya yox? Bu barədə dövlət başçısına müvafiq təqdimat edilib, ya yox?
İkinci sualımı da mən komitəmizdə, və plenar iclaslarda dəfələrlə qaldırmışam. Doğumla əlaqədar birdəfəlik müavinətlərdən söhbət gedir. Bildiyiniz kimi, bizdə bu rəqəm cəmi 50 manatdır. Halbuki postsovet məkanında yerləşən digər ölkələrdə, hətta iqtisadi göstəriciləri bizdən geri olan respublikalarda bu rəqəm 155 dollardan 355 dollara qədərdir. Ona görə bilmək istərdim, doğumla əlaqədar birdəfəlik müavinətlər dəyişəcək, ya yox?
Fürsətdən istifadə edib Səlim müəllimdən xahiş edərdim ki, bizim rayonumuzda da bankomat məsələsi həll edilsin. Düzdür, bu işdə bizə həmişə kömək edir, amma nəzərə alaq ki, Masallı əhalisi çox sıx olan zonadır. Biz böyük əziyyətlər çəkirik. Camaat da inciyir, çünki pensiyanı poçtalyonlar gətirəndə müəyyən məsələlər ortalığa çıxır. Çox xahiş edirəm ki, bir-iki bankomat da Masallı rayonunda qoyulsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən çox təəccüb edirəm, sözün doğrusu, təəssüf edirəm ki, milyonlarla Azərbaycan vətəndaşının, o cümlədən bizim seçicilərimizin həyatı ilə birbaşa bağlı olan belə bir mühüm məsələnin müzakirəsi zamanı yerdən bəziləri dərhal səsə qoyaq deyə təkliflər verdilər, digərləri isə bunun 5 dəqiqə ərzində müzakirəsini təklif elədilər. Mən bilmirəm, nədən qorxuruq? Deməli, burada nəyisə tərifləməli, məddahlıq eləməli məsələ olmadığı üçün dərhal səsə qoymaq təklif olunur. Bu mənim şəxsi qənaətimdir, inancım bundan ibarətdir.
Dünən burada hörmətli Valeh müəllim maraqlı bir fikir işlətdi. O dedi ki, bütün dünyada ölkənin iqtisadi inkişafının göstəricisi olaraq hələ də makroiqtisadi göstəricilər əsas götürülür. Əgər başqa yeni göstəricilər kəşf olunarsa, yəqin ki, ona Nobel mükafatı da verilər. Mən özüm makroiqtisadi göstəricilərin əsas göstərici olmasının tərəfdarlarındanam. Lakin hörmətli Milli Məclisin və hörmətli Valeh müəllimin diqqətinə çatdırım ki, çoxdan, hələ 10 il bundan əvvəl dünya iqtisadiyyat elmi müxtəlif istiqamətlər üzrə alternativ göstəricilər təqdim eləmişdir və Cozef Stiqlis bu məsələyə görə 2001-ci ildə Nobel mükafatı almışdır. Onun kitabını da gətirmişəm, hörmətli Valeh müəllim ingiliscə yaxşı bilir və onun bəzi əsərlərini oxuyub da. Nəyə görə mən bu məsələnin üzərinə gəlirəm?
Hazırda bir çox ölkələrdə cəmiyyətin inkişafının əsas göstəricilərindən biri olaraq “məcburi sığorta toplamaları” kimi ifadə olunan məsələlər önə çəkilir. Bu gün müzakirə elədiyimiz Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti haqqında, həqiqətən, makroiqtisadi göstəricilərdən daha dəqiq təəssürat yaradır. Diqqət edin, 2010-cu ildə məcburi dövlət sosial sığorta haqları 1 milyard 221 milyon manat proqnozlaşdırılır. Halbuki keçən il üçün bu göstərici 1 milyard 278 milyon nəzərdə tutulub. O cümlədən büdcədən maliyyələşən təşkilatlar üzrə 438 milyon nəzərdə tutulur, keçən il 460 milyon nəzərdə tutulmuşdu. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə isə bu il 59 milyon, keçən il isə 62 milyon nəzərdə tutulub və sar. Biz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin bütün parametrlər üzrə azalmasını müşahidə edirik.
Hörmətli Səlim müəllim Əmək pensiyaları haqqında qanun layihəsini təqdim edərkən dedi ki, o heç də Əli Məsimovdan və digərlərindən zəif iqtisadçı deyil. Amma mən hesab edirəm ki, bu azalmanı heç bir halda sabit inkişafla, sosial müdafiənin yaxşılaşdırılması ilə izah etmək mümkün deyil və onun bugünkü çıxışı da bunu əyani şəkildə göstərdi. Xüsusilə xərclər məsələsinə diqqət eləyin. Əmək pensiyalarının ödənilməsinin baza hissəsi hətta bu il azalmağa doğru getmişdir ki, bu da hesab edirəm, son 20 ildə, indiki iqtidarın hakimiyyətdə olduğu dövrdə çox dəhşətli, antihumanist, yeni pensiyalar haqqında qanunun bu yaxınlarda Milli Məclisdə qəbul etdirilməsi ilə bağlı olmuşdur.
Amma mən sizin diqqətinizi başqa bir məsələyə cəlb eləmək istəyirəm. Nəzərə alaq ki, gələn il indeksləşdirmə həyata keçirilməyəcək və bir sıra göstəricilər – qazın qiyməti iki dəfə, metroda gediş haqqı 3 dəfə artdıqdan, müəyyən iqtisadi inkişaf başladıqdan və bunun inflyasiyaya təsiri məlum olduqdan sonra bu ilin sonuna Azərbaycanda minimum 5 faiz inflyasiya gözlənilir. Gələn il bunun inkişaf tempi davam edəcək, çünki inkişafın bir yandaşı da inflyasiyadır. Bu da iqtisadiyyatın qanunauyğunluğudur. Bu, təxminən 7 faiz olacaqdır. Deməli, həm pensiyanın baza hissəsi artmırsa, həm də gələn il minimum 5—7 faiz inflyasiya olacaqsa, bu, əhalinin, təxminən milyonlarla pensiyaçının həyat səviyyəsinin minimum 7 faiz pisləşməsi deməkdir.
İkinci bir məsələyə diqqəti cəlb eləyim. Bununla bağlı başqa mənbələr varmı? Var. 6-cı maddəyə diqqət yetirin. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiə orqanlarının saxlanması xərcləri 3 milyon 621 min manatdır. Lakin bu rəqəmin təxminən yarısı əlillərin sosial müdafiə orqanlarının saxlanmasına sərf olunur. Yəni məmurlara sərf olunur. 19 milyon manat bütövlükdə Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli təşkilatlarının saxlanmasına sərf olunur. Bu bahalıqda Dövlət Sosial Müdafiə Fondu kimə lazımdır? Burada bankomatlardan danışırlar. Yerlərdə pensiyaların əhaliyə çatdırılmasına 19 milyon manat sərf olunur. Bu 19 milyon hara gedir?
Üstəlik, belə çıxır ki, Dövlət Sosial Müdafiə Fondu həm də bu büdcəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyasını həyata keçirir. 4-cü maddəyə baxaq. Burada məşğulluq tədbirlərinin həyata keçirilməsinə nə az, nə də çox, 9 milyon manat pul ayrılır. Yeri gəlmişkən, onun da təxminən yarısı – 3 milyon 890 min manatı məşğulluq orqanlarının, bürokratik aparatın saxlanmasına sərf olunur. Müstəqil ekspertlərlə hesablamışıq. Təkcə Dövlət Sosial Müdafiə Fondunun bürokratik aparatına verilən və açıq-aydın korrupsiyaya xidmət edən, əslində, faktiki olaraq sərf olunmayan bənd və paraqrafların ixtisar olunması hesabına 7 faiz vəsait əldə edərdik. Gələn il yaşayış minimumunun 5 manat artırılması nəzərdə tutulur ki, bu da pisləşmənin əlavə göstəricisidir. Faktiki olaraq isə 7 faiz yox, 10—12 faiz pisləşmə gözlənilir. Əgər artım, indeksləşdirmə olmasa, həmin 7 faizi elə fondun daxilindəki ixtisarlar hesabına həll etmək mümkündür.
Mən keçən iclasda səsləndirdiyim fikri bir daha təkrarlamaq istəyirəm. Azərbaycan miqyaslı ölkədə paralel, eyni işlə məşğul olan iki böyük bürokratik aparatın – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun saxlanılmasına ehtiyac yoxdur. Onlardan birini ona çəkilən xərclərlə birlikdə, – bu, təqribən 30—40 milyon manat pul eləyir, – ixtisar eləmək mümkündür. O işin başına mütəxəssis, peşəkar adamların qoyulması, bir daha təkrar edirəm, pensiyaçıların, uşaqlı qadınların, ahılların, əlillərin əlindən alınan, qoparılan, onların hesabına edilən o qənaətlərdən Azərbaycan cəmiyyəti üçün daha faydalı olardı.
Hörmətli Milli Məclis üzvləri, sonda bir məsələnin üzərinə diqqəti cəmləşdirmək istəyirəm. Yaxın illərdə Dövlət Sosial Müdafiə Fondunun ümumi büdcəsi azalmaqda davam edəcəkdir. Yenidən “Əmək pensiyaları haqqında” Qanuna baxmaq lazım gələcək. Mən 1991-ci ildən, o cümlədən indiki iqtidarın hakimiyyəti dövründə qəbul olunmuş qanunvericilik bazasını nəzərdən keçirdim. Həm “İstehlak səbəti haqqında”, həm də “Minimum yaşayış səviyyəsi haqqında” qanunların öyrənilməsi göstərdi ki, 2008—2009-cu illərdən sonra Azərbaycanda sosial müdafiə sistemində antisosial istiqamətdə çox ciddi dəyişiklik baş vermişdir. Bu dəyişikliyin, bu yeni konsepsiyanın başında da hörmətli Səlim Müslümov durur, onun aparatı durur. Belə çıxır ki, dövlət başçısını da buna inandırmışlar. Keçən il müzakirə zamanı Səlim Müslümova xeyli tərif dedik. Mən öz təriflərimi geri götürürəm, Azərbaycan xalqına, onun qocalarına, ahıllarına, uşaqlarına qarşı cinayət olan bu siyasətin dayandırılmasını tələb edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, düz 10 dəqiqə danışdın. Birinci, hər kəs öz fikrini deyə bilər. Biri dedi ki, çıxışlar 5 dəqiqə olsun, digəri 10 dəqiqə dedi. Ancaq 5 dəqiqənin səbəbi bir məsələ ilə əlaqədardır. Bir neçə gün bundan qabaq “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik eləyəndə burada oturan deputatların əksəriyyəti eyni istiqamətdə çıxış eləmişdilər. Başqalarının fikirlərini niyə qarışdırırsınız? İclası aparan mənəm, dedim ki, kim istəyir, 10 dəqiqə çıxış edə bilər.
İkincisi, Valeh müəllimə kitab gətirirsiniz. Bəli, Valeh müəllim ingiliscə çox təmiz danışır, dili də yaxşı bilir, savadı da güclüdür. Ancaq mən bilmirdim ki, siz ingilis dilini güclü bilirsiniz. Deputatların içərisində ingilis dilini bilənlər çox deyil. Beynəlxalq təşkilatlarda insanlarımız çatmır, sizi də bu işlərə qoşardıq ki, işlərimiz yaxşı getsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yerindən danışma. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Hesab edirəm ki, bu gün Dövlət Sosial Müdafiə Fondunun təqdim elədiyi büdcə layihəsini ciddi şəkildə müzakirə etməyimizə ehtiyac var. Fikirlər müxtəlif ola bilər. Mən də hesab edirəm ki, bir dövr bu sahədə ciddi islahatlar aparıldı. Azərbaycan sığortalı, iştirakçı, işəgötürənin birlikdə pensiya sisteminin formalaşmasında iştirakını nəzərdə tutan bir rejimə daxil oldu. Amma bu rejimin təkmilləşdirilməsində ortaya çıxan problemlər nəylə bağlıdır? Bu, birinci növbədə Azərbaycanda dövlət sektorunun hələ də güclü olması və bu sistemin inkişafına mane olması ilə bağlıdır. Yəni özəl sektor kifayət qədər inkişaf etmədi. 100-də 85-in özəl mülkiyyətdə olmasına baxmayaraq, iqtisadi qərarlar bilavasitə dövlət tərəfindən verildiyinə görə özəl sektorun inkişaf eləməməsi bir sıra hallarda pensiya sisteminə də təsirini göstərdi.
Bütün dünyada sosial müdafiə sistemlərinin mövcudluğunun əsas məqsədi şəxslərə aktiv iş həyatından sonra qaneedici və müntəzəm gəlir təmin eləməkdir. Amma görək bu gün təqaüdə çıxan və müxtəlif səbəblərdən təqaüd alan insanlar qaneedici gəlirə malikdirlərmi, inflyasiyanın altında əzilmirlərmi? Ona görə də bunun Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin peşəkar olub-olmamasından qaynaqlandığı düşüncəsində deyiləm və hesab edirəm ki, kifayət qədər peşəkar aparat qurulub, burada güclü mütəxəssislər fəaliyyət göstərirlər. Amma iqtisadi sistemin yanlışlığı məhz pensiya və sosial müdafiə siyasətində ciddi problemləri ortaya qoyub. Bu birinci növbədə nə ilə bağlıdır? İnflyasiyaya münasibətlə bağlıdır. Ötən dəfə burada hökumət nümayəndələri 3 faiz inflyasiya olduğunu proqnozlaşdırdılar. Çox hörmətli Hadi müəllim bunu 1 faiz, Pənah bəy də 7—8 faiz səviyyəsində götürdülər. Müxtəlif ekspertlər də fərqli rəqəmlər söyləyirlər. İnflyasiyanın hesablanmasında ciddi ziddiyyət var. Bir faizlər, 3 faizlər hələ də inandırıcı görünən rəqəmlər kimi real həyatımızda özünü əks etdirmir.
İkinci, işsizliyin qeydiyyatı ilə bağlı problemlərə toxunmaq istərdim. Açığı, ötən illər bunu 56 min, 60 min, 70 min qeyd eləsələr də, bu rəqəmləri çıxanda yenə də real vəziyyəti əks etdirən nəticə əldə etmək olmur. Bu da sosial müdafiə siyasətinə təsir edir. Qeydiyyatsız çalışanların qeydə alınması məsələsi. Dünyada böhran baş verdi, inflyasiya artdı. Bu nə şad-lıq evlərinə, nə də digər sahələrə təsir etdi. Özümüzü aldatmayaq, indi biz desək də, 1 milyon 800 minlik sosial sığortalı var, amma unutmayaq ki, bu “talkuçka” deyilən yerlərdən insanların normal yaşayışını təmin edən gəlirlər gəlir. Şadlıq evlərində xidmət göstərənlərin böyük əksəriyyəti qeydiyyata durmur. Onun zirzəmilərində bağlanan araqların, saxta suların və başqa işlərin heç birinin qeydiyyatı getmir. Əslində, bunların hamısı iş yerləri sayılmalıdır. Bu da ona görə edilmir ki, müəyyən şəxslərin iqtisadiyyat üzərində ağırlığı çox böyükdür və sosial müdafiə qurumlarının əlində bu sahəyə müdaxilə etmək imkanı yoxdur.
Ən geniş yayılmış tikinti sahəsində 200 manat maaş alanların, – təbii ki, cəmiyyətdə zərfdə və başqa formalarda maaş alanlardan söhbət gedir, – tikinti obyektlərində iş dayandığına görə sayını bura əlavə etsəniz, görərsiniz ki, işsizliyin sayı sürətlə artmaqdadır. Bu gün məşğul olmayan əhalinin sayı artmaqda olduğu halda, qeydiyyatı aparılmadığına görə bu, təqaüddə də özünü göstərir. Təbii ki, bu istiqamətdə islahatlar aparmaq üçün müəyyən addımlar atılmalı idi, amma bunlar yenə əvvəllər qeyd etdiyimiz kimi, əslində, müəyyən vətəndaşların ziyanına aparılan islahatlar kimi yadda qalacaq. Təbii ki, müəllimlərin bir qismi, müxtəlif kateqoriya insanlar pensiya yaşının artırılmasını istəyirlər. Ona görə ki, dediyim kimi, pensiyaya çıxandan sonra qaneedici həyat şəraitinə qovuşmurlar. Ona görə bunu istəyirlər. Yoxsa heç 60 yaşdan sonra gündə işə gedib-gəlməyə maraqlı deyil. Amma burada cəmiyyətin özündən qaynaqlanan problemlər var. Mən nümunə üçün bir misal demək istəyirəm. Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli qərarı ilə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 14 qəpik müəyyənləşdirilibdir. 1 kvadrat metr yaşayış sahəsi üçün ayda 2 qəpik mənzil haqqı ödənməlidir. Mən demirəm ki, bu artırılsın və vətəndaş daha bir əziyyətə düşsün. Sadəcə olaraq, deyirəm ki, vətəndaşların ödədiyi bu məbləğ kommunal təsərrüfat işçilərinin maaşının üçdə biri etmir. İndi diqqət edin, əmək haqqından tutulmuş 25 faiz ayırmalar, əlavə dəyər vergisi və başqa xərclər çıxılandan sonra bunun hansı maaşla Dövlət Sosial Sığorta Fondunun vəsaitinı ödəməyə gücü çatacaqdır? Demək istədiyim odur ki, minimum əmək haqqının aşağı göstəricisi, tutulan məbləğlərin də az olması burada öz təsirini göstərir. Ona görə də hesab edirəm ki, cəmiyyətin həyatında, iqtisadi həyatda bu düzəlişlər, bu dəyişikliklər olmasa, pensiyaların, müavinətlərin artımını gözləmək mümkün olmayacaqdır.
Burada bankomatlardan söhbət edildi. Bu kart sisteminə keçəndən sonra vətəndaş gözləyir ki, rahatlıqla vəsaiti əldə edəcək. Görün, nə vəziyyət yaranıbsa, bankomata 100 manat qoyurlar, vətəndaşın pensiyası isə 80 manatdır. 5-6 bankomata gedir, o vəsaiti ala bilmir. Bu qoca pensiyasını poçtalyon gətirəndə bundan rahat alırdı. Bunu həll etmək mümkündür. Sadəcə, başqa qurumların bəzi maxinasiyaları ortadan qalxsa, Dövlət Sosial Müdafiə Fondu da töhmət altında qalmaz. Bu işin təşkilində də daha səmərəli, daha müsbət nəticələr əldə etmək olar ki, vətəndaş əziyyət çəkməsin.
Pensiya yaşının artırılması ilə bağlı bir neçə kəlmə demək istərdim. Artırılma məsələsinə daha çox konseptual yanaşmaq lazımdır. Bəzi ölkələrdə, bəli, iş stajı da artırılır. Məsələn, Fransada, Almaniyada artırıldı. Pensiya yaşı da artırıldı. O yerdə bu artırılır ki, orada əhalinin orta yaşayış həddi 75 yaşa çıxır. Bunu 65, 67 yaşa artırırlar ki, gənc nəsillə disbalans yaranmasın. Əlavə əmək miqrantlarının cəlb olunması ilə də bu prosesi tənzimləyirlər. Amma Azərbaycanda orta yaş həddi maksimum 63-dür. 63 yaşda pensiya yaşı müəyyən olunanda insan onsuz da təqaüdə çıxmaq şansı əldə etmir. Ona görə də bütün islahatların kökündə konkret Azərbaycan vətəndaşı dayanmalıdır.
Bir də rəqəmlər üzərində dayanmaq istəyirəm. Bilirsiniz, biz yoxsulluğun səviyyəsini 13 faiz göstərdik. Yəni rəqəmin məhkumuna çevrilirik. Bir də bu böhran baş verdi. Böhran olmayan, neft gəlirlərinin sürətlə ölkəyə gəldiyi vaxtda anlamaq olur ki, bu belədir. 20 faizdən 16-ya, indi də 13 faizə endi. Amma indi bu yaşadığımız mühitdə insanların yaşayış səviyyəsini görəndə dövlət olaraq rəqəmlərin aşağı salınması bizim xeyrimizə deyil. Ona görə də mən hesab edirəm, Dövlət Sosial Müdafiə Fondunun peşəkarlığını müzakirə etmək yerinə onların normal büdcə yaratmasına şərait yaradan iqtisadi islahatların həyata keçirilməsinə köməklik göstərmək lazımdır ki, bu gün işləyən aktiv insanlar gələcəkdə təqaüdə çıxanda öz əməyinin bəhrəsini ala bilsinlər. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Fazil bəy. Amma mən bir məsələni hörmətli deputatların nəzərinə çatdırmaq istəyirəm. Biz bu gün Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsindən danışırıq. Fazil bəy “JEK”-dən, mənzildən, yaşdan danışdı, amma mahiyyətdən danışmadı. Biz yaş məsələsini keçən dəfə “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişiklik ediləndə müzakirə etmişik. Bu məsələni burada qaldırmağın yeri yoxdur. Xahiş edirəm, mahiyyəti üzrə, bu qanun layihəsindən danışaq. Hər şeydən danışdınız, amma qanundan danışmadınız. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mən çıxışımın əvvəlində demək istəyirəm ki, pensiya sistemində aparılan islahatları əsasən bəyənirəm və hesab edirəm ki, bu, davam etməlidir. Mən istərdim, Səlim müəllimə bir sual verim. Hörmətli Səlim müəllim, “pensiya hüququ” ifadəsi nə deməkdir? Yəni insan pensiya yaşı çatarkən o istəsə pensiyaya çıxar, istəməsə çıxmaz, yoxsa mütləq çıxmalıdır? Xahiş edirəm, bunu mənim üçün aydınlaşdırasınız.
Digər məsələlərə də öz mövqeyimi bildirmək istəyirəm. Ola bilər ki, Ziyafət müəllim mənə də bu iradı tutar, çünki dediklərim bugünkü mövzuya o qədər də uyğun olmayacaq. Ancaq gələcəkdə islahatlar aparılarkən bu gün dediyim məsələləri də nəzərə almaq lazımdır. Çoxuşaqlı analar pensiyaya çıxarkən yaşlar azaldılır. Mən bunun məntiqini başa düşmürəm, istəyərdim, bunu mənə izah etsinlər. Nəyə görə? Hesab edirəm ki, qadın çox uşaq doğursa, o sağlam qadındır. Sözsüz ki, sağlam qadın çox uşaq doğa bilər. Sizə bir həkim kimi deyim ki, qadın uşaq doğduqca sağlamlaşır və cavanlaşır. Belə olan halda onun pensiya yaşını niyə qısaldırlar, mən onu başa düşmürəm. Eyni zamanda, mən digər bir məsələni də demək istəyərdim. Əgər qadına çox uşağı olduğuna görə hər hansı imtiyazlar verilirsə, mən məsləhət görərdim ki, bunu uşaq olan müddətdə etsinlər. Ola bilər ki, uşaq olan vaxtı ya buna verilən vəsaitin miqdarı artırılsın, ya da analıq məzuniyyətinin müddəti uzadılsın.
Mənə aydın olmayan digər bir məsələ də var. Pensiyaya çıxarkən qadınların və kişilərin yaş fərqi var. Kişilər indi 63 yaşından, qadınlar isə 60 yaşından pensiyaya çıxırlar. Bunun da məntiqini başa düşə bilmirəm. Ona görə ki, bioloji baxımdan qadın orqanizmi kişi orqanizmindən daha möhkəmdir. Digər tərəfdən, biz kişi və qadınların bərabərliyindən danışırıq. Belə olduğu halda nə ehtiyac var ki, qadınlar kişilərdən bir qədər tez pensiyaya çıxsınlar? Mən hesab edirəm ki, bu düzgün deyil. Təsəvvür edin, eyni yaşda adamlardır, evləniblər və sonra bunların pensiya yaşı çatıb. Pensiya yaşı çatana qədər bunlar özlərini eyni yaşda hiss edirdilər. Ancaq 60 yaşında kişi işinə davam edir, qadın isə pensiyaçı adlandırılır. Mənə elə gəlir ki, elə qadın üçün də bu o qədər müsbət bir hal deyil.
Sədrlik edən. Hikmət müəllim, indi deyirsiniz ki, qadınların da pensiya yaşını 63-ə qaldıraq? Bunun məsuliyyəti Sizin üstünüzdə qalacaq, onu bilin.
H.Atayev. Ziyafət müəllim, pensiya yaşının artırılması ilə əlaqədar olan narazılıqlar, əsasən, ona görədir ki, insanların əksəriyyəti pensiyaya çıxandan sonra həm pensiya almaq, həm də işləmək istəyirlər. Əgər bu gün deyilsə ki, pensiyaya çıxandan sonra siz artıq işləməyəcəksiniz, inandırım sizi ki, hamı pensiya yaşının daha da uzadılmasını tələb edəcək. Ona görə mən hesab edirəm ki, qadınlar buna etiraz etməyəcəklər. Hansı qadın istəyər ki, həyat yoldaşı işə getsin, amma o özünü pensiyaçı hiss etsin? Heç bir qadın bunu istəməz.
Deyəcəyim digər məsələ yaşla əlaqədardır. Belə bir ifadə var: “Ð¼Ð°Ñ‚ÐµÑ€Ð¸Ñ ÑущеÑтвует в движении”. Mənə elə gəlir ki, insan da öz fəaliyyəti ilə yaşayır. İnsanın fəaliyyəti məhdudlaşarkən, sözsüz ki, onun yaşamaq müddəti azalır. Çox vaxt belə deyilir ki, filankəs işdən çıxan kimi qısa müddətdə vəfat etdi. Bu, doğrudan da, elədir. Bilirsiniz, bu nəyə görə olur? Mən öz fikrimi demək istəyirəm. Gəlin, kişiləri götürək. Kişi müəyyən yaşdan sonra öz işi ilə yaşayır. Səhər işə gedirik, bütün günü işdə oluruq, axşam bir-iki kəlmə söhbət edib, yatırıq. Əsasən, işimizlə yaşayırıq. Təsəvvür edin ki, biz pensiyaya çıxandan sonra nə ilə yaşayaçağıq? Faktiki olaraq yaşamaq stimulumuz itirilmiş olur.
Ümumiyyətlə, qadınların yaş həddi kişilərin yaş həddindən çoxdur. Nəyə görə çoxdur? Ona görə ki, qadınlar pensiyaya çıxandan sonra onların bir məşğuliyyəti var, kişilərin yoxdur. Onların məşğuliyyəti nədir? Əvvəla, qadınlar pensiya yaşına qədər analıq məzuniyyəti müddətində, hamiləlik vaxtında müəyyən qədər iş yerindən uzaqlaşıblar və buna öyrəşiblər. Digər tərəfdən, qadın pensiyaya çıxandan sonra nəvələrinə baxır, ev yığışdırır, xörək bişirir və sair. Yəni qadın özü üçün bir məşğuliyyət tapır. Kişi bu məşğuliyyəti tapmır. Ona görə mən hesab edirəm ki, biz pensiya yaşını artırmaqla insanların yaş həddini uzatmış oluruq. Sözsüz ki elə bir zaman gəlir insan artıq pensiyaya çıxmalıdır. O, haldan düşmüş olur. O vaxt mən deyən arqumentlər artıq düzgün gəlmir. Ancaq heç bir kişi boynuna almaz ki, 63 yaş artıq onun fəaliyyətini dayandıracaq yaşdır. Ona görə hesab edirəm ki, gələcəkdə bu yaş həddinə bir də baxılmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Mən bilirəm, bilməyənlər də bilsin, Hikmət müəllim, doğrudan da, gözəl həkimdir. Mən bunu bilirəm, onu da yaxşı tanıyıram. Sizin fikirlərinizi, bir həkim kimi bioloji nöqteyi-nəzərdən dediklərinizi qəbul edirəm. Amma çox istərdim ki, bu çıxışı Siz, “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər edəndə deyəydiniz. Biz əhalinin sağlamlığının qayğısına qalaraq pensiya müddətini artırdıq. Amma təəssüf ki, opponentlərimiz bunu qəbul etmədilər. Bax, bu çıxışı o vaxt etmək lazım idi. Çox təşəkkür edirəm, sağ olun, Hikmət müəllim. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Pensiya 1,3 milyon insanın taleyi deməkdir. Ona görə də indiki vaxtda, xüsusən böhranın hələ başa çatmadığı bir şəraitdə pensiya ilə bağlı ciddi hesablamalara və bu sahədə beynəlxalq praktikadan səmərəli istifadə etməyə ehtiyac var. Beynəlxalq praktikadan çıxış etsək, pensiya iki mühüm məsələni həll edir. Birinci, çalışılır ki, aşağı gəlirli insanlar pensiyaya çıxandan sonra yoxsulluğun girdabına düşməsin, yoxsullar kateqoriyasına aid edilməsinlər. İkinci, orta və yüksək maaşlı insanlar üçün elə pensiya sistemi yaradılır ki, həmin pensiya mexanizmi vasitəsilə onların pensiyaları işlədiyi müddətdə aldıqları əmək haqqının 40, bəzən isə 60–70 faizi ilə əlaqələndirilsin və onlar pensiyaya çıxandan sonra həyatın yeni bir mərhələsinə başlasınlar.
Azərbaycanda 20 il, 30 il bundan qabaq da, indi də proseslərdə xeyli açıq qalan suallar var. O da bundan ibarətdir ki, əgər 20 il bundan qabaq Azərbaycanda orta pensiya yaşayış minimumundan təqribən 2 dəfə yüksək idisə, indi artıq ondan aşağıdır və pensiyaçıların 60 faizindən çoxu 75 manat alır. Əlbəttə ki, 75 manat alan bayaq mən dediyim meyarlara cavab verə bilməz. Bu, fizioloji cəhətdən mövcudluq uğrunda mübarizə aparmaq deməkdir. Yəni Azərbaycanda hər 3 pensiyaçıdan ikisi yoxsulluq səviyyəsində yaşayır.
Təbii ki, mən 3 il bundan qabaq Azərbaycanda həyata keçirilən pensiya islahatını alqışlamışdım və bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nda irəli sürülən məqamları dəstəkləmişdim. Eyni zamanda, demişdim ki, bu çox gözəldir, amma 10–15 il sonra tam işləməyə başlayacaq. Yaxın 10 ildə “nə etməli” sualı açıq qalırdı və qeyd edirdim ki, sovet dövründə pensiyaya çıxanlar 2006-cı ildən sonra pensiyaya çıxanlardan 2 dəfə az pensiya alır, həmin problem həll edilsin, ədalətsizlik aradan qalxsın.
Güman edirdim ki, bu istiqamətdə atılan addımlar bir-birini tamamlayacaq, çünki islahat enişli-yoxuşludur və burada geri çəkilmək olmaz, yalnız irəli getmək lazımdır. Eyni zamanda, həqiqəti əhaliyə deməklə irəliyə getmək lazımdır. Bu anda, oktyabr ayının 27-də irəliyə getmək əvəzinə geriyə doğru addım atıldı. Biz axı iki sənəd – 2001-ci ildə “Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası”nı, sonra isə “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nı qəbul etmişik. Biz sığorta-pensiya sisteminin inkişafına dair proqram qəbul etmişik. Staj-pensiya sisteminin inkişafına dair proqram qəbul etməmişik. Ona görə də bunu mən geriyə doğru atılmış addım kimi qiymətləndirirəm. Bu, xeyli dərəcədə əlavə problemlər yaradacaq və Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan büdcəsindən asılılığı güclənəcək, çünki indi fonda ayrılan vəsaitin 30 faizindən çoxu Azərbaycan büdcəsindən cəlb olunur. Əgər fond əlavə mənbələrdən, alternativlərdən istifadə etmirsə, özəl pensiya fondları yaradılmırsa... Burada deyilən kimi, Azərbaycanda kənd təsərrüfatında 2 milyon yox, 1,6 milyona qədər adam işləyir və onun yerdə qalan 400 mini, yəni rəqəmlərdəki xətalar pensiya-sığorta sistemi mexanizmi vasitəsilə 100 milyonlarla əlavə vəsait əldə etmək deməkdir kontekstindən yanaşanda məlum olur ki, xeyli dərəcədə mənbələr var.
Ona görə də həmin kontekstdən mən ilk növbədə 2001-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası”nda nəzərdə tutulan prinsiplərə əməl edilməsini təklif edirəm. Bu da nədir? İlk növbədə vətəndaşların pensiya ödənişinin etibarlı maliyyə təminatına nail olunmasıdır. 2001-ci ildən bu yana keçən dövrdə rəqəmlər göstərdi ki, etibarlı maliyyə təminatına nail olunmayıb.
İkinci, pensiya təminatı sistemini bazar iqtisadiyyatının prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması. 3 pensiyaçıdan ikisinin 75 manat alması yenə də mənim dediklərimi təsdiq edir. Pensiya ödənişi üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi. Əsas göstərir ki, Azərbaycanda bir pensiyaçıya 3,2, kənd təsərrüfatında çalışanları kənara çıxanda isə bir pensiyaçıya iki işləyən düşür. Amma indiki mexanizmdə bir pensiyaçı ilə bir işləyən uçota durub ki, bu da sonra qeyd elədiyim ciddi problemləri yaradır. Ona görə də hesab edirəm ki, bu istiqamətdə irəliyə doğru addımlar atmaq lazımdır.
Pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi və sosial sığorta haqlarının ödənişləri arasında əlaqənin uyğunlaşdırılması. Yeni düstur sosial sığortanı kənarlaşdırdı, ona görə bu istiqamətdə də problemlər yaranacaq. Mən hesab edirəm ki, əgər pensiya sistemini təkmilləşdirmək istiqamətində addımlar atmaq istəyiriksə, ilk növbədə qeyd elədiyim kimi, həm islahat konsepsiyasına, həm də sığorta-pensiya sisteminin inkişafına dair qəbul olunmuş dövlət proqramının prinsiplərinə əməl olunmalıdır. Əks halda bir müddətdən sonra vəsait azalacaq və bu vəsaiti dövlət büdcəsinin hesabına cəlb eləmək prinsipindən çıxış edən zaman isə əlavə problemlər yaranacaq.
İkinci, çox təəssüflər olsun ki, indiyə qədər vəsaitlərin idarə edilməsi istiqamətində addımlar atılmayıb. Əgər indi başlansa, ona böyük təcrübə, böyük işlər tələb olunur. Amma Azərbaycanın Dövlət Neft Fondu var, onun da çox gözəl təcrübəsi var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, 4-5 ildən sonra Dövlət Sosial Müdafiə Fondunun ağır vəziyyətə düşməməsi üçün indidən onun Dövlət Neft Fondu ilə birləşməsi və idarəetmə mexanizmi vasitəsilə əlavə vəsaitin cəlb edilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Ciddi hesab etdiyim digər bir məsələ dəfələrlə burada deyilib. Kölgə iqtisadiyyatının leqallaşdırılması istiqamətində addımların atılması görünür, amma bu iş ləng gedir. Bu, yeni açılan iş yerlərinin sığortaya, uçota cəlb edilməsi istiqamətində atılan addımların ləngliyindən görünür. Burada rəqəmləri müqayisə edəndə böyük rəqəmlər deyilir, amma növbəti ildə hesabata kiçik rəqəmlər gəlir. İkili mühasibat məsələsi özünü göstərir. Ciddi məsələlərdən biri də ondan ibarətdir ki, 27 oktyabrda olan dəyişikliklərdən sonra xüsusən xüsusi sektor artıq yüksək maaş yazmayacaq. O, ikili mühasibatlığa keçəcək və maaşları aşağı göstərməyə çalışacaq. Bu da Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsaitlərin xeyli dərəcədə azalmasına gətirib çıxaracaq.
Növbəti məsələ ondan ibarətdir ki, nə qədər gec deyil, həmin düsturlarda irəli sürülən müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Bəli, həmin düsturlar ədalətin bir hissəsini təmin elədi, amma digər tərəfdən müəyyən ədalətsizliklərə gətirib çıxardı. Məsələn, 300 manat civarında maaş alan və 25 il məktəbin direktoru olan, yaxud da elə o qədər maaş alan və 25 il məktəbdə stajı olan müəllimlər həmin düsturun mexanizmi vasitəsilə 135, 130 manat, amma məktəbin keşikçisi, yaxud da xadimə 150 manat pensiya alacaqlar. Burada mən müddətləri fərqli qoymuşam. İndi fərqli olmayanları deyim. 40 il müəllim işləyən 160 manat alacaq. Müəllim insan yetişdirir, bu, dossentə də aiddir və sair. Deməli, həmin prinsip üzrə 40 il müəllim işləyən, insan yetişdirən də 150 manat alacaq, 40 il işləyib qazancı olan balıq yetişdirən də. Balıq yetişdirənlə, insan yetişdirənin arasında fərq olmayan düstur işləməyəcək. Ona görə bu nöqteyi-nəzərdən hesablayaq. Əgər bu düstur çox gözəldirsə, xalqın, pensiyaçıların hüququnu yaxşılaşdıracaqsa, birinci həmin düsturu bəyanat verib özümüzə tətbiq edək, digər tərəflərə nümunə göstərək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan hökumətinin çox hörmətli üzvləri, sosial müdafiə ilə bağlı məsələ bütün ölkələrin diqqət mərkəzindədir. Qeyd etmək istərdim ki, sosial müdafiə ilə bağlı islahatlar bütün ölkələrdə daim aparılır. Yəni azad, demokratik, bazar iqtisadiyyatına mənsub ölkələrdə sosial məsələlər, sosial islahatlar həmişə cəmiyyətdə ciddi şəkildə müzakirə olunur və daim cəmiyyətin diqqət mərkəzində olur. Mən hesab edirəm ki, Azərbaycanda bundan sonra da sosial məsələlər, sosial islahatlar xüsusilə pensiya islahatı həmişə diqqət mərkəzində olacaq. Qərbin aparıcı ölkələrinə, Skandinaviya ölkələrinə baxın. Bu ölkələrdə sosial müdafiə məsələləri hökumətin bütün müzakirələrində birinci yerdə durur, ona görə də hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun digər qurumla birləşdirilməsi və ya ayrılması kimi təkliflər məntiqə uyğun deyildir.
Burada 63 saylı dairədən seçilmiş deputat Dövlət Sosial Müdafiə Fondunun işçilərinin sayı ilə bağlı o qədər də dəqiq olmayan ifadələr işlətdi. O qeyd etdi ki, guya burada bürokratik aparat var və sair. Mən sual etmək istəyirəm, hansı ölkədə pul özbaşına buraxılıb, hansı ölkədə pul sayılmır? Pul dəqiq uçot tələb edir və harada dövlət vəsaiti varsa, bu və ya digər fond varsa, həmin fondun vəsaitinin bölüşdürülməsinə ciddi şəkildə nəzarət olunmalıdır. Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu son illərdə çox ciddi islahatlar aparıb, mərkəzləşdirilmiş aparatla bərabər regional idarələr yaradıbdır. MDB ölkələrinin sosial müdafiə məsələləri ilə məşğul olan qurumları ilə müqayisə aparsaq, mən deyərdim ki, adambaşına düşən təqaüdçülər müqabilində bizim Dövlət Sosial Müdafiə Fondunda olan işçilərin sayı bəlkə də ən axırda gedir. Yəni işçilərin sayının artırılması tendensiyası burada müşahidə olunmur. Bir neçə il əvvəllər müqayisə eləsək, burada işçilərin sayının azaldığını görə bilərik.
Eyni zamanda, Dövlət Neft Fondu ilə Dövlət Sosial Müdafiə Fondunun birləşdirilməsi təklifi də, məncə, düzgün deyildir. Dövlət Neft Fondunun funksiyası tamamilə başqadır, Dövlət Sosial Müdafiə Fondunun başqa. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də funksiyası başqadır. Bu fondun funksiyası nədir? Vəsait toplamaq və paylaşdırmaq. İndi Siz Ziyafət müəllim, dediniz ki, mahiyyət üzrə danışmaq lazımdır. Siz tamamilə haqlı irad tutdunuz. Mahiyyət nədir? Bizə Dövlət Sosial Müdafiə Fondu öz büdcəsini təqdim edib. Bununla əlaqədar da fondun sədri məruzə edib, deyir ki, bax, bu fondun bu qədər pulu var, 2010-cu ildə bu qədər pulun toplanması gözlənilir. Bunu da biz belə bölüşdürmək istəyirik, siz bu bölgüyə razısınız, razı deyilsiniz?
Mən dünən də dedim, yenə təkrar edirəm, büdcə müzakirələrində parlamentarinin funksiyası nədir? Əgər Yaponiya parlamentinin üzvü görsə ki, dövlət büdcəsini artırmaq üçün vəsait tapmaq mümkündür, dərhal bunu məruzə edəcək, əsaslandıracaq, bunun artırılması üçün çalışacaq. Bir misal deyim. Siz bilirsiniz ki, qış aylarında Yaponiyada – xüsusilə onun şimal hissəsində qış çox sərt keçir. Hamımız bilirik ki, avtomobillərin qış, bir də yay çarxları var. Həmin qış çarxları xüsusi qayda ilə hazırlanır, çünki ondan istifadə ətraf mühitə çox böyük ziyan vurur. Bunun nəticəsində insanların nəfəs yollarının xəstəliyə tutulması prosesi baş verir. Məsələn, Yaponiyada nə baş verir? Yaponiyada bir qrup deputat bunu araşdırır. Məlum olur ki, hökumətin səhiyyəyə ayırdığı xərclər getdikcə artır. Bunun qarşısını almaq üçün həmin çarxların istehsalını dayandırmaq və yalnız zəncirli təkərlərdən istifadə etməklə bağlı müəyyən qərar qəbul olunur. Bununla da büdcəyə xeyli vəsait daxil olur. Mən başqa ölkələrin büdcə müzakirələrinə istinadən deyirəm, bizdə bəzən başqa cür başa düşürlər. Dövlət Sosial Müdafiə Fondu deyir ki, mənim büdcəm budur. “İcbari sığorta haqqında” və yaxud “Sosial müdafiə haqqında” qanunları, Dövlət Sosial Müdafiə Fondu deyil, biz qəbul etmişik. Bu qurum da bununla əlaqədar deyir ki, vəsaiti bu qədər olacaq və biz bunu bu cür bölüşdürmək istəyirik. Təqaüdlər bu cür olacaq və sair. Bizim vəzifəmiz budur ki, bölgüyə baxaq və deyək ki, siz bunu bir az belə deyil, başqa cür bölün. Bu sahəyə bir az artıra bilərsiniz, digər sahəyə azalda bilərsiniz. Yaxud da əlavə mənbə varsa, onu göstərməliyik. Ona görə də hesab edirəm ki, əgər biz Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin, mütəxəssislərinin peşəkarlığına istinad ediriksə və bizim buna əsaslı iradımız yoxdursa, fondun büdcəsini təsdiq etməliyik. Həmin büdcə ilə də onlar fəaliyyət göstərməlidir. Biz Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsinin gedişində yenə də əmək pensiyaları və digər sosial sığorta mənbələri ilə bağlı məsələlərə qayıdırıq. Bunlar tamamilə başqa qanunların funksiyası olduğuna görə, hesab edirəm ki, bir az burada dolaşıqlığa yol veririk.
Bir də, burada yenə də iqtisadi nəzəriyyə ilə bağlı məsələlər qaldırıldı. İqtisadi nəzəriyyə başqadır, praktika başqa. Ən əsası odur ki, Azərbaycanda Azərbaycan vətəndaşı öz ölkəsində sosial təminat altındadır və Azərbaycan Konstitusiyasına əlavə və düzəlişlərdə xalqın səs verdiyi bir düzəliş də Azərbaycanın iqtisadiyyatının sosial yönümlü olmasıdır. Azərbaycan vətəndaşının sosial təminat altında olmasını təmin etmək üçün biz Dövlət Sosial Müdafiə Fonduna dəstək verməliyik, onun vəsaitinin artırılması istiqamətində işlər görməliyik. Qanunlarımızı elə qəbul etməliyik ki, bu fondun vəsaiti daha da artsın. Bizdə təqaüdlərin artma tendensiyası var, dinamika var və Prezidentimiz də daim bu xətti həyata keçirir. Hesab edirəm ki, Azərbaycanda bu işlər bundan sonra da daha uğurla davam edəcəkdir. Mən Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinə tərəfdaram, ona səs verəcəyəm. Digər həmkarlarımı da bu büdcəyə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Siyavuş Novruzova söz verilir. Siyavuş müəllimin çıxışını asanlaşdırmaq üçün deyim ki, 63 saylı dairədən deputat Pənah Hüseyn seçilmişdir. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclisin deputatları, hörmətli hökumət üzvləri! Bir neçə gündür ki, həm dövlət büdcəsi, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunur. Mən qeyd edə bilərəm ki, doğrudan da, ətraflı müzakirələr gedir. Peyğəmbərimizin bir gözəl kəlamı var: “Fəaliyyət niyyətə bağlıdır”. Müzakirənin gedişindən də görünür ki, Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin, Azərbaycan iqtidarının niyyəti Azərbaycan xalqının yaxşı yaşaması, firavan həyatının təmin olunması, sosial problemlərinin həll olunmasıdır. Məhz bu niyyətə çatmaq üçün də bu istiqamətdə fəaliyyət qurulubdur. Digərlərinin də niyyəti başqadır və fəaliyyətlərini də tamam başqa istiqamətdə qurublar. Bu, büdcəyə, görülən başqa-başqa işlərə qara yaxmaq, böhtan demək, rəqəmləri saxtalaşdırmaq və beləliklə də, ictimaiyyətin gündəmində qalmaqdan ibarətdir.
Zaman yeganə resursdur ki, onu bərpa etmək olmaz. Burada həmkarlarım çıxışlara ayrılan vaxtın 5 və ya 10 dəqiqə olmasını qeyd elədilər. 10 dəqiqə vaxt istəyən həmkarımız Pənah Hüseyn 3 dəqiqəni hörmətli Valeh müəllimə kitab gətirmək haqqında məsələyə həsr elədi. Valeh müəllimin kabineti bəlli, yeri bəlli. Kitab aparmaq istəyirsənsə, işdən əvvəl, ya da sonra get, apar, ver. Vaxtın azlığından şikayət edir, amma 3 dəqiqəni bu məsələyə həsr edir. Bu onu göstərir ki, bu insanların bu mövzu ətrafında deməyə heç bir sözləri yoxdur.
Həmkarım Mübariz Qurbanlı çox yaxşı bir fikir söylədi. Burada aparatın saxlanılmasına ayrılan 19 milyon manatla bağlı deyildi ki, guya bu, həddindən artıq çoxdur. Təsəvvür edin, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin cəmi 1 faizini təşkil edir. Bunlar o insanlardır ki, çox əziyyətlə fondun vəsaitini toplayırlar. Burada da qeyd elədilər, bu gün elə tikintilər, elə ticarət yerləri var qeydiyyatdan keçmirlər, bu və ya digər şəkildə sosial müdafiədən yayınmaq istəyirlər. Onlar bu qədər vəsaiti əziyyətlərlə Azərbaycanın dövlət büdcəsinə toplayırlar və onun nəticəsində də digər insanlar pensiya, müavinət və sair alır. Ona görə də mən hesab edirəm ki, həm Səlim müəllimin, həm də Hadi müəllimin təqdim etdiyi layihə çox məqbuldur, çox ətraflı şəkildə hazırlanıb, buna səs verməliyik.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Burada yenə bankomatlarla bağlı məsələ qaldırıldı. Biz bankomatlarda yox, gərək təfəkkürümüzdə bir az dəyişiklik edək. Bankomat ondan ötəri deyil ki, elə ora çatan kimi pulu çıxarmalısan. Biz dünyanın hər yerində oluruq və görürük ki, ayın 1-də hamı kartı əlində bankomatın qabağında növbəyə düzülübdür. Elə bizim Milli Məclisdə də bu hal baş verir. Maaşımız köçürülən gün hamı bankomatdan dollarla pullarını çıxarır, aparır. Burada Sabirin bir misrası adamın yadına düşür: “Pul o puldur ki, gərək ütüləyib yığasan sandığa”. Biz sandıq psixologiyasından çıxmalıyıq. Lap 20 dənə bankomat qoy. Bu bankomatın imkanı var ki, 20 min manat saxlaya bilər. Əgər bir rayonda pensiyaçılar1 milyon manat almalıdırlarsa, onlar hər dəqiqə bankomata pulu yerləşdirə bilməzlər ki. Biz tamam başqa sistemə keçməliyik. İstər ticarət obyektlərində, istərsə də məişət obyektlərində kartlardan istifadə etməliyik. Belə olan halda onlar həm vergidən yayınmazlar, həm də vergi onlara hər hansı bir tələ qura bilməz və üstəlik də vətəndaşlar bankomatların qarşısında hər hansı bir problemlə rastlaşmazlar. Bu baxımdan mən fikirləşirəm ki, biz psixologiyada bir dəyişiklik etməliyik. Təkcə bankomat məsələsi deyil. Tutalım ki, elə bankomat poçtalyonun funksiyasını yerinə yetirir. Bir fərqi ondadır ki, poçtalyona 1 manat verirdilər, bankomata vermirlər, vəssalam. Ona görə də biz bu məsələlərə ciddi şəkildə yanaşmalıyıq.
Əhalinin məşğulluğu və sosial fondla bağlı burada fikirlər söyləndi. Mən hesab edirəm ki, bunların hamısı yanlışdır. Azərbaycanın sosial sferasında çox ciddi islahatlar gedir. Biz bir çox ölkələri qabaqlayırıq və işimizi də bu istiqamətdə qurmuşuq, aparırıq. Tamamilə həmkarlarımla razılaşıram ki, nəzəriyyə ilə praktika başqa-başqa şeylərdir. Bu gün Azərbaycan büdcəsi, onun sosial müdafiəsi elə sistem əsasında qurulub ki, bizi əhatə edən, bizi üzərimizə gələn hər hansı bir iqtisadi, siyasi təlatümün qarşısını tamamilə alsın və vətəndaşlarımızın stabil, sabit yaşamasını təmin etsin. Bizim yadımızdadır, vaxt var idi ki, insanlar aylarla pensiya, əmək haqqı almırdılar. Baxmayaraq ki, heç miqdarı da bir şey deyildi, amma ala bilmirdilər. Bu gün pensiyalar da, əmək haqları da vaxtlı-vaxtında verilir. Ardıcıl şəkildə artımlar da olunub. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu layihəyə səs verək, qəbul edək və digər məsələlərin müzakirəsində də bu gün yekunlaşdıraq. Sağ olun.
Sədrlik edən. Yekunlaşdırmağına, Siyavuş müəllim, yekunlaşdıracağıq, amma səsvermə bir az gec – ayın 24-də olacaq. Biz hökumətə imkan verməliyik ki, burada deyilən fikirləri təhlil eləsinlər, araşdırsınlar. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Məndən əvvəl çıxış edən hörmətli Siyavuş müəllimin çıxışların müddəti ilə bağlı mövqeyini tamamilə bölüşürəm və düşünürəm ki, çıxışın dəyəri onun müddəti ilə deyil, səslənən ağıllı fikirlərlə ölçülməlidir.
Mən düşünürəm ki, sosial müdafiəyə ehtiyacı olan insanların sosial və maddi durumunun daim yaxşılaşdırılması, onlara qayğı göstərilməsi Azərbaycan Respublikasında sosial siyasətin əsas məzmununu təşkil etməklə yanaşı, ümumilikdə dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bütün dünyanı qlobal iqtisadi böhran bürüdüyü, nisbətən konservativ büdcə layihəsi hazırlandığı və bir sıra istiqamətlərdə nisbətən büdcə xərclərinin azaldığı bir vaxtda dövlət yenə də belə bir sosial siyasətə sadiqdir. Baxın, Dövlət Sosial Müdafiə Fondunun bu büdcə layihəsi bunu deməyə əsas verir.
Dövlət büdcəsindən 2003–2008-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfertlərin ümumi məbləği təxminən 5,2 dəfə artmışdır. 2009-cu ildə bu rəqəm 495 milyon manat təşkil etmişdisə, gələn il üçün bunun 533,7 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bununla yanaşı, 2009-cu ilin 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 632 milyon manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım deməkdir. Xərcləri isə 33 faiz artaraq təxminən 687 milyon manat olmuşdur. Bildiyimiz kimi, sosial müdafiəyə ehtiyacı olanlar müxtəlif kateqoriyalara aid olan insanlardır. Amma onların bütün fəaliyyəti, daha doğrusu, dövlətlə onların arasındakı sosial müdafiə ilə bağlı münasibətlər müxtəlif normativ aktlarla tənzimlənir. Mən düşünürəm ki, normativ aktların sistemləşdirilməsinə ehtiyac var və respublikanın ilk Sosial Müdafiə məcəlləsinin hazırlanması yerinə düşərdi. Təqdirəlayiq haldır ki, bu fikir 2010–2013-cü illər üzrə sosial inkişaf istiqamətlərində də öz əksini tapıb. Bu istiqamətlərdə başqa məsələ də var, ona da münasibətimi bildirmək istəyirəm. Hörmətli həmkarlarımın yaxşı yadındadır ki, biz əmək pensiyalarının yeni qaydalarını elə bu yaxınlarda “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik etməklə müəyyən etdik. Bu qaydalar tətbiq olunana qədər pensiya hüququ qazanmış insanların da əmək pensiyalarının hesablanmasına bu qaydaların tətbiq olunmasının araşdırılması məsələsi durur ki, mən düşünürəm bu, düzgün olmaz. Çünki yeni qaydalar tətbiq olunana qədər pensiya hüququ qazanmış insanların pensiyalarının hesablanmasına bu, tətbiq olunarsa, müəyyən qədər pensiyaların azalmasına gətirib çıxarar. Bu da düzgün olmaz, çünki qanunun geriyə qüvvəsi yoxdur.
Mən başqa cəhəti də nəzərinizə çatdırmaq istəyirəm. Hörmətli Səlim müəllimin və hörmətli nazirin burada olmasından istifadə edib demək istəyirəm ki, bir çox müəssisə və təşkilatlarda, o cümlədən bir çox özəl strukturlarda işəgötürmə məsələləri müasir qaydada sənədləşdirilmədiyindən gələcəkdə həm əmək pensiyalarının, həm də pensiya və müavinətlərin digər növləri ilə bağlı problemlər yarana bilər. Buna görə də gələn il bu istiqamətdə qayda-qanunun yaradılması yerinə düşərdi. Çıxışımın sonunda başqa bir məsələni də burada vurğulamaq istəyirəm. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun, düşünürəm ki, Azərbaycan parlamentinin, Azərbaycan Respublikasının sosial siyasətinin verdiyi çox mühüm bir töhfədir. Bu qanunun hüquqi nəticələrindən bir çox aztəminatlı ailələrimiz istifadə eləyir. Lakin təəssüflər olsun ki, bizə bu sahədə kifayət qədər qüsurların, nöqsanların, əyintilərin olmasına dair vətəndaşlarımızdan ciddi siqnallar daxil olur.
Mən hörmətli nazirin və Səlim müəllimin burada iştirak etməsindən istifadə edib demək istəyirəm ki, bunlar məhdud sayda olan dövlət məmurlarının vəzifələrindən sui-istifadə etməsinin nəticəsidir. Amma imkan vermək olmaz ki, Azərbaycan dövlətinin sosial siyasətinə məhdud sayda olan belə dövlət məmurları kölgə salsınlar. Mən çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin 1 milyard 757 milyon manat müəyyən olunması növbəti ildə Azərbaycan Respublikasının sosial müdafiə siyasətinin həyata keçirilməsinə imkan verəcək və qarşıya qoyulan vəzifələr layiqincə icra ediləcək. Mən bu büdcənin dəstəkləyirəm və hörmətli həmkarlarımdan da analoji addım atmağı xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A.Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu sahədən çox danışmaq olar, amma mən fikrimi qısa şəkildə bildirmək istəyirəm. Hörmətli Prezidentimiz başda olmaqla hamımız çalışırıq ki xalqımızın rifah halı yaxşılaşsın. Milli Məclisdə də xalqın xeyrinə olan hər hansı bir qanun qəbul olunanda biz öz fikrimizi bildiririk. Mənim bir təklifim var. Dünən hörmətli maliyyə naziri Samir müəllim çıxış elədi və dedi ki, parlament seçkilərinin keçirilməsi ilə əlaqədar 50 milyon manat pul artırılmalıdır. Bu qədər vəsaitin havaya atılması kimə lazımdır? Dünyada böhran və inflyasiyanın getdiyi bir vaxtda ailəmizi dolandırmağa, pensiyaçıların pensiyasını artırmağa manat axtarırıq. Belə bir vaxtda parlament seçkisinə ehtiyac varmı? Bu seçki ilə bağlı minlərlə müşahidəçi gələcək, onları qarşılayıb, yola salmaq da xərcdir. Hərəsi də gedib haqqımızda bir rəy bildirəcək. Konstitusiyaya çoxlu qanunlarımıza əlavə və dəyişikliklər etdik. Mən təklif edirəm, müharibə şəraitində olan bir dövlət kimi, Qarabağ məsələsi həll olunana qədər bu seçkilər təxirə salınsın. Seçkiyə ayrılan pulları burada danışdığımız lazımi sahələrə xərcləyək. Hazırda parlamentə təmsil olunan bütün millət vəkilləri xalqımızın ən layiqli övladlarıdır, o cümlədən də mən. Təkrar seçilməyə nə ehtiyac var? Çıxışları dayandıraq, səs verək. Bunun haqqında da çox danışmağa ehtiyac yoxdur. Sağ olun.
Sədrlik edən. Aydın müəllim, çox sağ olun. Azərbaycan xalqının layiqli övladı kimi Sizə hörmətimiz var, amma xahiş edirəm, bu gün müzakirə elədiyimiz qanun layihəsi haqqında danışın. Əli Əhmədov, buyurun.
Ə.Əhmədov. Çox sağ olun. Burada çox dəyərli, bəzi hallarda isə populist söhbətlər olur. Bayaqdan ehtiyatlar axtarılır. Görürsünüz, axtaranda tapmaq olur. İndi çox qiymətli bir təklif verildi və məlum oldu ki, vəsaiti ehtiyac olan sahələrə yönəltməkdən ötrü belə bir sahə də mövcuddur.
Konkret olaraq təqdim olunan layihə ilə əlaqədar bildirmək istəyirəm ki, bu, Azərbaycanın indiki reallıqları ilə bilavasitə səsləşən, Azərbaycanın iqtisadi imkanlarından irəli gələn və eyni zamanda, Azərbaycan hökumətinin insanların rifahının yaxşılaşdırılması ilə əlaqədar istəklərinə uyğun olan bir layihədir. Mən belə hesab edirəm ki, bu layihənin əsasında dayanan göstəricilər, rəqəmlər reallığı ilə fərqlənir və güman edirəm ki, Azərbaycan parlamenti təqdim olunan layihəyə səs verəcəkdir. Əlbəttə, sosial sahə, pensiya sahəsi bütün dünyada həm çox müzakirə olunan, həm də incə bir məsələdir. Bu sahədə düzgün axtarışlar bu gün də aparılmaqdadır.
Digər bir tərəfdən, Azərbaycan təəssüf ki, hələ də keçmişdən qalan bəzi elementlərdən istifadə edir. Güman edirəm, zaman gəlib çatıb ki, bunlardan da cəsarətlə imtina edək. İmtiyazlar sistemi, hamının bərabərləşdirilməsi prinsipləri əsasında vəsaitlərin bölünməsi güman edirəm ki, bazar iqtisadiyyatının maraqlarına və dəyərlərinə uyğun gəlmir. Ola bilsin ki, mənim deyəcəyim bəzi təkliflər o qədər də populyar olmasın, amma reallıqlar mənim belə bir təklif verməyimi şərtləndirir. Güman edirəm ki, biz buna keçəcəyik. Biz vaxtilə ünvanlı sosial müdafiə sisteminin tətbiq edilməsi barədə qərar qəbul etmişik və güman edirəm ki, bu, düzgündür. Uşaq pullarının verilməsi ilə əlaqədar hörmətli Səlim müəllim də qeyd elədi ki, hər bir uşağa görə 75 manat verilsin. Əlbəttə, bu sosial müdafiəyə ehtiyacı olan ailələr üçün çox əhəmiyyətlidir. Amma ola bilsin ki, çox sayda ailələrin 75 manat müavinətə elə bir ehtiyacı yoxdur və almırlar. Mən güman edirəm ki, çox sayda belə ailələr var. Amma ehtiyacı olanlardan ötrü isə bu məbləğ həddən artıq azdır. Yaxşı olmazmı ki, burada da ünvanlılıq prinsipini əsas götürək? Hansı ailənin ki uşaq pulu almasına ehtiyacı var, faktiki olaraq bunu almayanın vəsaiti ona ünvanlansın və beləliklə də, bu vəsaitin əhəmiyyətli dərəcədə artmasına imkan yaransın.
Digər bir məsələni də güman edirəm ki, müzakirə predmetinə çevirmək olar. Pensiya yaşının artırılması barədə bu yaxınlarda qərar qəbul edildi və bu barədə də ətraflı söhbət aparıldı. Pensiya insanların işləmək istəyi və işləmək qabiliyyəti olmayanda yaşayışının təmin edilməsi məqsədilə verilən bir müavinətdir. Belə olan halda həm pensiyanı almaq, həm də işləyib əmək haqqını almaq nə dərəcədə düzgündür və belə bir sistemin tətbiq edilməsi ilə, sözün həqiqi mənasında, insanlar pensiya yaşına çatdıqda və ya işləmək imkanları olmadıqda onların layiqli həyat şəraitinin təmin edilməsi üçün kifayət qədər həcmdə pensiya verilməsini reallaşdıra biləcəyikmi?
Bu gün Azərbaycanda orta əmək haqqı təxminən 250-300 manat civarındadır. Orta pensiya isə 100–105 manat həcmindədir. Böyük bir fərq var. Yəni, orta pensiya orta əmək haqqının 30-35 faizi həcmindədir. Mən güman edirəm ki, bu, aşağı həddir. Bu aşağı həddi 50-60 faizə qaldırmaqdan ötrü pensiyanın həddini 160-170 manata çatdırmaq lazımdır. Amma indi hər bir işləyənin fonda 22 faiz pul köçürdüyü, eyni zamanda, hər bir pensiyaçıya bir-iki işləyən adamın düşdüyü şəraitdə təbiidir ki, bunu etmək mümkün deyil, yaxud da bunu etməkdən ötrü dövlətdən çox böyük ayırmalara ehtiyac olacaq. Uzun müddət büdcə də, Dövlət Neft Fondu da bu təzyiqlərə tab gətirməyəcək. Ona görə də hesab edirəm ki, gələcəkdə həm pensiya almaq, həm də işləmək praktikasına son qoymaq üçün addımlar atılsın. Biz bunu onsuz da edəcəyik. İnsan ya pensiya almalıdır, ya da işləyib əmək haqqını almalıdır. İkisini də vermək, həm də işləyib əmək haqqı alan cavan adamın hüquqlarının pozulması deməkdir. Cavan adam daha çox enerji sərf edir, amma yalnız əmək haqqı alır. Yaşlı adamsa həm pensiya, həm də əmək haqqı alır. Bu özü də sosial ədalətsizliyin bir forması kimi qəbul olunmalıdır. Buna görə də mən hesab edirəm ki, bu məsələyə keçid üçün indidən addımlar atılmalıdır. Ola bilsin ki, mənim təklifim müxalifət tərəfindən ciddi şəkildə qarşılanacaq və tənqidlər səslənəcək. Amma mən hesab edirəm ki, bu, həyatın reallığıdır, gələcəkdə pensiya alan insanların daha layiqli həyatının təmin edilməsi məqsədilə atılan addımdan savayı bir şey deyildir. Maaşlar da tədricən artır və güman edirəm ki, maaşların artmasına paralel olaraq gələcəkdə pensiyaların daha intensiv və dinamik şəkildə artırılması üçün vacib olan addımlardan biri bundan ibarətdir.
Bayaq mən bir məsələni qeyd elədim. İndiki reallıqlar və fonda 22 faiz maaşın köçürülməsi şəraitində normal pensiyanın alınması üçün 4 nəfər işləyənin olması lazımdır ki, bu da bu gün Azərbaycanda mümkün deyil. Mən hesab edirəm ki, həm yeni iş yerlərinin açılması hesabına, həm də fonda pul köçürülməsi uçotunun sərtləşdirilməsi əsasında bu sahədə də vacib irəliləyişin əldə edilməsi mümkündür. Mən elə hesab edirəm ki, bu gün bizim müzakirəmizə təqdim olunan layihə prinsip etibarilə reallıqların maksimum dərəcədə nəzərə alınması əsasında hazırlanıb və Azərbaycanın indiki şəraitində hökumətimizin və Prezidentimizin rəhbərliyi altında həyata keçirilən sosial siyasətin mahiyyətini dəqiqliklə ifadə edir. Buna görə mən də hörmətli deputatlarımızı bu layihəyə səs verməyə dəvət edirəm. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Əhməd Vəliyev.
Ə.Vəliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir kəlamı burada söyləmək istəyirəm. Deyiblər ki, əgər fəaliyyət göstərməyəcəksənsə, ağıl dəryası olmağın nə mənası var? Uzun müddətdir müşahidə edirəm. Mənim bəzi həmkarlarım əgər bu qədər ağıl sahibi idilərsə, nəyə görə böyük vəzifələrdə işləyən vaxt bu gün dediklərini tətbiq eləməyiblər? Həmkarlarıma deyirəm ki, tətbiqi olmayan nəzəriyyənin özü də boşdur. Bu gün bizim təcrübədən, praktikadan xəbəri olmayan bir qrup həmkarımız yalnız nəzəriyyədən danışırlar. Ancaq mən hesab edirəm ki, burada əyləşən millət vəkillərinin hamısının təcrübəsi də, nəzəriyyədən xəbərləri də var. Danışanda da gərək ünvanlı danışılsın. Ünvansız söhbətin heç bir məzmunu yoxdur.
Burada Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi haqqında bəzi fikirlər söyləndi. Mənim o insanlara yazığım gəlir. Çünki insanları tanımırsansa, onun haqqında fikir söyləyirsənsə, bunun özü ədalətsizlikdir. Yox, əgər tanıyırsansa, amma başqa fikirlər söyləyirsənsə, bu daha da böyük ədalətsizlikdir. Bu gün Dövlət Sosial Müdafiə Fondunun başında duran insanı yaxşı tanıdığıma görə deyərdim ki, o, respublikamızda ən güclü, ən görkəmli iqtisadçılardan biridir və nəzəriyyə ilə praktikanı sintez etmək qabiliyyətinə malik olan bir insandır. Əgər bu gün Dövlət Sosial Müdafiə Fondunun əlində başqa bir imkanı olsaydı, o elə edərdi ki, pensiyaçılarımızın, təqaüd alanların vəziyyəti Amerikada təqaüd alanlardan da bir az yuxarı olardı. Mənim buna şübhəm yoxdur.
Bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında fikirlər söyləyirik. Deyərdim ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi bugünkü reallığı tamamilə əks etdirir. Keçən dəfə bu məsələ komitədə müzakirə olunanda demişəm, yenə təkrarlayıram, Hesablama Palatası tərəfindən güclü təhlil aparılmış, çatışan, çatışmayan cəhətlərin hamısı qiymətləndirilmiş və yekun olaraq bu büdcəyə müsbət qiymət verilmişdir. Mən də hesab edirəm ki, reallıqları nəzərə alıb biz bu büdcəsini qəbul etməliyik. Təbii ki, hamımız istəyirik ki, pensiyaçılarımız yaxşı pensiya alsınlar, ancaq reallıq onu demir.
Bu gün həmkarlarımın bəziləri Dövlət Sosial Müdafiə Fonduna ödəmələrdən yayınmalar haqqında da fikirlər söylədilər. Deyirlər ki, şadlıq evlərində digər müəssisələrdə sənədləşmə aparılmadığına görə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə az vəsait daxil olur. Neçə dəfədir eşitmişəm, həmkarlarım deyir ki, ayrı-ayrı nazirliklər elə bir struktur yaradırlar ki, polis vəzifəsini yerinə yetirir. Onda mən hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu da polis qrupu yaratsın və təşkilatlarda işləri sənədləşdirməyən adamlar haqqında müəyyən tədbirlər görsün. Əgər həmkarlarım onu qəbul edəcəksə, mən Dövlət Sosial Müdafiə Fondunun hörmətli sədri Səlim Müslümovdan xahiş edirəm ki, büdcəyə daxilolmaların artması üçün belə bir qrupu formalaşdırsın.
Mən hesab edirəm ki, bu barədə çox fikirlər söyləmək olar. Dövlət Sosial Müdafiə Fondunun xətti ilə aparılan islahatlar göz qabağındadır. Qısa bir müddətdə Dövlət Sosial Müdafiə Fondu demək olar ki, yeni informasiya kommunikasiyaları ilə tam təmin olunub, çox böyük işlər görülüb. Əgər bizim xəbərimiz yoxdursa, onda biz bu respublikada yaşamırıq. Əgər xəbərimiz varsa, amma onu görmürüksə, belə insanlara kor deyirlər. Görüb qəbul etməyən insanlara da nankor deyirlər. Mən hesab edirəm ki, bu gün görülən işlərin hamısını olduğu kimi qiymətləndirmək lazımdır. Bu gün Dövlət Sosial Müdafiə Fondunun başında duran insan elə bir mütəxəssisdir ki, imkan olan yerdə təqaüdlərin artırılmasına həmişə kömək edəcəkdir. Mən büdcə layihəsinə müsbət səs verəcəyəm, həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim çıxış eləmək fikrim yox idi, amma burada səslənən ədalətsiz fikirlərə münasibətimi bildirmək istəyirəm. Bilirsiniz ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsi bizə təqdim olunub. Sənəd çox lakonik şəkildə hazırlanıb və reallığa əsaslanır. Bildiyimiz kimi, cənab Prezident möhtərəm İlham Əliyevin siyasi fəaliyyətində bir neçə prioritet sahələr var ki, bunların iki komponenti dünən burada hörmətli Əli Həsənov tərəfindən səsləndi. Mən əhalinin sosial müdafiəsi və pensiya təminatını da həmin komponentlərdən biri saya bilərəm. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 milyon 300 min pensiyaçı və digər kateqoriyadan olan insanlar üçün praktiki olaraq hər cür şərait yaradılıb.
Dövlət Sosial Müdafiə Fondunun işi ilə tanış olan insanlar başa düşürlər ki, həqiqətən, fondun işində bir sistem yaradılıb. Əlbəttə, bu siyasət ölkə başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Onun icraçıları isə möhtərəm Səlim Müslümovun başçılıq etdiyi qurumdur.
Mən bir məcburi köçkünün pensiya təminatı ilə bağlı Səlim müəllimin qəbulunda oldum. O, vaxt tapdı, fondun bütün iş şəraiti ilə məni tanış etdi. Açığını deyim ki, orada yaradılmış avtomatlaşdırılmış sistem məndə yaxşı mənada fikirlər oyatdı.
Digər tərəfdən fondun işinin şəffaflığı ilə bağlı da bir neçə kəlmə demək istədim. Bir neçə il bundan qabaq pensiyaların ödənilməsi zamanı müəyyən söz-söhbətlər olurdu, neqativ hallar ortalığa çıxırdı. Pensiyaçının bankomatdan pulunu götürməsi elə bu sahədə şəffaflığın təminatlarından biridir. Burada deputat həmkarım söylədi ki, Gədəbəydə bankomat çatışmır. Bu gün ola bilsin ki, hər kəndə bankomat qoymaq texniki cəhətdən mümkün deyil, amma fond çalışır. Fond hansı banka etibar edirsə, o bank da onun öhdəsindən gələcəkdir.
Burada “məddah” sözünü işlətdilər. Mən hesab edirəm ki, deputat həmkarına məddahlıq üstündə nə isə bir söz demək elə məddahlığın bir növüdür, çünki burada hərənin öz şərəf və ləyaqəti var. Əgər onlar görülən işlərin əsl qiymətini verməyi məddahlıq sayırlarsa mənim daha onlara sözüm yoxdur. O ki qaldı Səlim müəllimlə bağlı deyilənlərə, o bir rəhbər işçi kimi özünü müsbət cəhətdən xarakterizə edib. Səlim müəllim, eyni zamanda, alimdir. Məndə olan informasiyaya görə Səlim müəllim ən azı 4 xarici dil bilir. 4 dili bilməsi ona imkan verir ki, müxtəlif ölkələrin sosial müdafiə fonduna aid olan sənədlərlə tanış olsun, onların müsbət tərəflərini Azərbaycana tətbiq etsin.
Bir də, bir məsələni demək istəyirəm. Bu yaxınlarda biz “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər etdik. Mən həmişə o fikirdə olmuşam ki, Milli Məclisdə yeni bir qanun qəbul ediləndə və yaxud da mühüm bir dəyişiklik olanda bununla bağlı ictimai fikrin formalaşması gərəkdir. Səlim müəllim bir neçə gün gecə-gündüz televiziyada çıxış etdi, öz fikirlərini Azərbaycan əhalisinə çox sadə və aydın şəkildə söylədi. Əhalinin bu dəyişikliyə maraqlı hissəsi Səlim müəllimin söylədiklərini qəbul etdi.
İşıq spektorunda 7 rəng var. Bəzi insanlar ağ və ya qaranı görürlər. Amma nəzərə almırlar ki, o iki rəngin arasında digər rənglər də var. El məsəli ilə desək, “100 dəfə imam deyəndə bir dəfə də yezid deməyi bacarmaq lazımdır”. Bugünkü reallığı qəbul etmək, irəliləyişləri görmək lazımdır. Mən də bu büdcə layihəsini bəyənirəm və səsə qoyulanda ona səs verəcəyəm. Həmkarlarımı da bu sənədə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev.
S.Möhbalıyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və media nümayəndələri! Bizim bir qrup deputat yoldaşımız hər dəfə olduğu kimi, dövlət büdcəsi müzakirə ediləndə əsassız tənqidi fikirlərini söyləyirlər. Bu iş bu gün də davam etdirilir. Mən millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, biz həmkarlar təşkilatı olaraq insanların əmək və sosial hüquqlarının qorunması ilə məşğul oluruq və Dövlət Sosial Müdafiə Fondu ilə bərabər zəif insanların hüquqlarının qorunması sahəsində əlbir işləyirik. Tez-tez bizə müraciətlər olur. Bizim mütəxəssislər onların mütəxəssisləri ilə birgə işləyirlər. Mən hörmətli millət vəkillərinin nəzərinə çatdırıram ki, Səlim müəllim orada çox gözəl bir kadr potensialı yaradıb. Ora çox savadlı gənclər yığışıb. Bayaq da qeyd etdilər onlar avtomatlaşdırılmış sistemə keçiblər. Deputat yoldaşlarımız dedilər, bəli, fondun işi həddindən artıq ağırdır. Bizdə vergi, sığorta ödəmək mədəniyyəti hələ o qədər də inkişaf etməyib. Həmişə çalışırıq ki, bu və ya digər formada vergilərdən, sığorta ödəmələrindən uzaqlaşaq.
Səlim müəllim çıxış etdi, büdcə layihəsini geniş təhlil elədi. Hadi müəllim də geniş izahat verdi. Doğrudan da, Səlim müəllimin bu dövr ərzində gördüyü işlər alqışa layiqdir. 10 mindən artıq xarici vətəndaş sığortaya cəlb olunub. Sığorta bazasının genişləndirilməsi üçün fondun əməkdaşları səhər-axşam təşkilatları gəzirlər. Çalışırlar ki, qeydiyyata düşməyən iş yerlərini tapıb, bunları sığorta ayırmalarına cəlb etsinlər.
Burada pensiya haqqında fikirlər yürüdülür. Bu yaxınlarda MDB ölkələrinin birində həmkarlar təşkilatının böyük bir toplantısı olmuşdur. Orada həm böhranın nəticələri, həm də pensiya məsələləri müzakirə olunurdu. Azərbaycan parlamenti, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qəbul edilmiş qərarlar, normativ sənədlər haqqında məlumat veriləndə Özbəkistanın, Qazaxıstanın, Moldovanın və digər respublikaların həmkarlar təşkilatlarının rəhbərləri, doğrudan da, məəttəl qaldılar. Onlar gördülər ki, Azərbaycanda iqtisadi, sosial islahatlar vaxtında aparılır. Bəzi ölkələrdə bu islahatlar hələ təzə başlayıb. Səlim müəllim hər dəfə burada çıxış edəndə həm çatışmazlıqlar, həm də problemlər haqqında geniş məlumat verir. Hesablama Palatasının rəyini oxuyandan sonra bizim deputatlara – heç kəsə oturub hazırlaşmaq lazım deyil. Yəni burada hər şey obyektiv şəkildə öz əksini tapıbdır.
Hörmətli Oqtay müəllim, çox sağ olun, büdcənin müzakirəsinə geniş imkanlar yaratdınız. Həm müxalifət, həm də iqtidar deputatları fikirlərini geniş şəkildə bildirdilər. Mən elə bilirəm ki, bu büdcə 2010-cu ildə ölkə Prezidentinin qarşıya qoyduğu bütün məsələləri yerinə yetirməyə qadirdir. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, layihə səs qoyulan vaxt bir nəfər kimi ona səsə verək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlarım və qonaqlar! Mən onuncu dəfədir, bu kürsüdən büdcə ilə, Dövlət Sosial Müdafiə Fondu ilə bağlı çıxış edirəm. Mənim keçən çağırışdan olan həmkarlarım şahiddir ki, çıxışlarımın əksəriyyəti tənqidi ruhda köklənib. Nədən danışmışam? Yoldan, qazdan, sudan, əhalinin sosial tələbatından. Oqtay müəllim, yadınızdadırsa, mən bu tribunadan bir elan vermişdim ki, kimin böyrəyində daş varsa, həkimə müraciət etməsin. Otursun maşına cənub istiqamətində, daş Salyanda da düşməsə, Masallıda düşəcək. Məqsəd nə idi? Yollarımız bərbad gündə idi. Bu gün mən onu necə deyə bilərəm? Bu gün at keçməz yollara asfalt döşənir. 70 il ərzində Yardımlı rayonunda asfalt yox idi, yol olmayıb, o insanlar yol ümidi ilə yaşayıblar. Bu gün Yardımlı rayonuna beynəlxalq standartlara uyğun yol çəkilib. Səfəvi hakimiyyətindən sonra heç bir padşahın ayağı Yardımlı rayonuna dəyməmişdi. Cənab Prezidentin iki dəfə gedişi ilə rayonun siması dəyişib.
Bu misalları mən ona görə deyirəm ki, haqqahaqq, düzədüz, əyriyəəyri deməliyik. Olanları etiraf edib müstəqil Azərbaycanın, dövlətimizin uğuru kimi qəbul etməliyik, olmayanları isə bu tribunadan gündəmə gətirib bunları sevindirici fakt kimi yox, cəmiyyətin problemləri kimi qələmə almalıyıq və bundan çıxış yolları axtarmaq üçün təkliflər verməliyik. Ona görə də biz bəzən ağı qaraya, qaranı da ağa qatırıq. Dahilərin bir sözü var: “Çimizdirilmiş uşağı çirkli su ilə bərabər tullamaq ədalətsizlikdir”.
Mən məmurlara qarşı ən aqressiv mövqedə duran deputatlardan biri olmuşam. Amma ədalətli mövqedə olmuşam. Bunların içərisində Azərbaycan cəmiyyətini sevən, işini bilən, işinin ustadı olan kifayət qədər məmur var. Onlar gəlib burada oturanda bunların adını çəkmək mümkündürsə, bu, ümumi işin xeyrinə ola bilər. Mənfi əməli, mənfi işi olan insanların adını bu tribunadan çəkmək onun məsuliyyətini artırır. Amma qərəzsiz, vicdanlı bir azərbaycanlı kimi danışmaq lazımdır.
Mənim Səlim Müslümovla heç bir münasibətim yoxdur. Məmur-deputat münasibəti var. Amma haqq-ədalət naminə demək lazımdır ki, o, Azərbaycanda kifayət qədər öz işini bilən, öz işinə sədaqətlə yanaşan, bütün məsələlərdə obyektiv mövqedə duran dövlət məmurlarından biridir. İndi gəlin, bunu da qataq qabağımıza, bunu da korafəst edək. O gedib fikirləşəcək və deyəcək ki, heç yaxşı işləyəni də, pis işləyəni də görmürlər. Ona görə güman edirəm ki, bu, Azərbaycanda gedən sosial-iqtisadi proseslər fonunda təşkil olunmuş büdcədir. Dünyadakı iqtisadi böhranlar fonunda, Azərbaycanda təşəkkül tapmış social-iqtisadi münasibətlər müstəvisində təşkil olunmuş büdcədir. Bu çox yaxşı bir büdcədir və hamıdan bunun qəbul olunmasına səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V.Ələsgərov. Mən gözləyirdim ki, bəlkə Pənah bəy zala gələr. Bəlkə indi eşidib, gəldi. Birincisi, təqdim olunmuş büdcəyə aid öz fikirlərimi deyim. Dövlət, hökumət bu gün bu büdcəni təqdim edibdir, onların imkanları budur. Mən əminəm, heç kimin şübhəsi yoxdur ki, bu büdcəni təqdim edənlər Azərbaycan vətəndaşlarını, Azərbaycan təqaüdçülərini kimdənsə az istəyirlər. Belə düşünən varsa, o adam yanlış düşünür. Mən bir başqa söz demək istəyirdim, amma yumşaq ifadəni Bahar xanım kömək etdi, tapdım: yanlış fikirləşir. Ona görə də bəzi deputatlar hər zaman olduğu kimi, mahiyyəti qoyub başqa şeydən danışanda mən əsəbiləşirəm. Sözün var de, sözün yoxdur “dalay-dalay” deməkdən nə çıxar? Get, başqa yerdə bunu elə. Bu büdcəni, əlbəttə ki, zamanı gələndə özüm də dəstəkləyəcəyəm və təklif edəcəyəm ki, dəstəkləyək. Əgər kiminsə ürəyində nə isə qalırsa, 5 il, 10 il bundan qabaqkı büdcə ilə müqayisə edin və görün, bu gün nə var, dünən nə var idi. 5 il böyük bir müddət deyil.
Pənah bəyi niyə gözləyirdim? Pənah bəy o sözləri deməklə özünü iqtisadçılar sırasına salmaq istəyirdi. Yəni mən indi Valeh Ələsgərovun dediyini şərh edirəmsə, görün kiməm. Rus demişkən, «Ð¿Ñ€Ð¸Ð¼Ð°Ð·Ð°Ñ‚ÑŒÑÑ Ð½Ðµ получитÑÑ». İqtisadiyyatçı olmaq üçün Ştiqlisin kitabını əlində saxlamaq yetərli deyil. Birincisi, mən əminəm ki, Pənah bəy Ştiqlisin kitabını oxumayıb. Oxusa idi yüzdə-yüz o sözləri deməzdi. Ştiqlis tam amilə başqa bir məsələyə görə Nobel mükafatını alıbdır. İkram müəllim, mən bayaq aşağı düşdüm, xahiş etdim ki, o kitabı mənə versin. Pənah bəy Oqtay müəllimin yanında mənə dedi ki, o kitabı gətirəcək. Kitab gətirən idisə, bayaq Siyavuş müəllimin dediyi kimi, kabinetimə gətirərdi. Gələydi, mənimlə orada söhbət edəydi.
Mən dünən nə dedim? Dedim ki, bu gün beynəlxalq qurumlar, hökumətlər tərəfindən qəbul edilmiş makroiqtisadi göstəricilər var. Başqa göstəricilər yoxdur. Alternativ göstəricilər üzərində işləyən alimlər var, özü də çoxdur. Ancaq bu günə kimi ortaya bir şey çıxara bilməyiblər. Əgər beynəlxalq qurumlar, hökumətlər onları qəbul etsə, yəqin ki, Azərbaycan da bu yeni makroiqtisadi göstəricilərə keçib, yeni üsulla, sistemlə makroiqtisadi göstəricilərini təqdim edəcəkdir. Ancaq bu gün qəbul olunan budur. Kim istəyirsə, gəlsin, üzbəüz oturaq, mən isbat edim. Postsovet məkanında Baltik ölkələri ilə, 2-3 il bundan qabaq tərifləri göyə çıxan, Şərqi Avropa, Mərkəzi Avropa ölkələri ilə müqayisə edək və baxaq görək, Azərbaycanın yeri haradadır? Özü də bu makroiqtisadi göstəriciləri göydən yazmaq mümkün deyil, çünki bunların arasında mütənasiblik elə qurulub ki, bir yerdə yalan yazsan, hamısı dağılır. Bunlar həqiqi göstəricilərdir və onların ətrafında oyun qurmaq ədalətsizlikdir, oyunbazlıqdır. Ona görə mən bir də xahiş edirəm ki, biz bir məsələni müzakirə edəndə onun mahiyyəti haqqında danışaq.
İkincisi, bu tribunadan istifadə edib kimi isə cinayətkar adlandırmaq, millətə qəsd etməkdə günahlandırmaq, çox üzr istəyirəm, mədəniyyətsizlikdir. Tapa bildiyim ən yumşaq söz budur. Yeri deyil. Qüdrətin, qeyrətin varsa, hakimiyyətə gələrsən, isbat edərsən. Təzə bir adam deyə bilərdi ki, belə edərdim. Hamı görüb axı kim nə edib, necə edib və nəyə nail olubdur. Üzr istəyirəm, bir az emosional danışdım. Sağ olun.
Sədrlik edən. Vaxt çatır. Yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, hərəniz 1 dəqiqə çıxış edəsiniz, çünki tənəffüsdən sonra o biri məsələlərin müzakirəsinə başlayacağıq. Buyurun, Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Mən gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini bəyənirəm və onun lehinə edilən bütün çıxışları müdafiə edirəm. Oqtay müəllim, deputat həmkarlarımızdan biri gələn ilin parlament seçkilərinin ləğv edilməsi və indiki deputat korpusuna uzunmüddətli səlahiyyət verilməsi təklifini verdi. Mən bunun ciddi və yaxud qeyri-ciddi təklif olduğunu bilmirəm, amma hesab edirəm ki, bu zalda bu cür çıxışlar edilməməlidir, çünki ehtiyatlı olmalıyıq. Bu cür çıxışlar hətta bir nəfərin adından verilsə belə, sabah beynəlxalq təşkilatların hesabatlarına düşür və Azərbaycan hakimiyyətinin, o cümlədən Milli Məclisin mənfi imicinin formalaşmasına səbəb olur. Gələn il demokratik seçkilər keçiriləcək və kim seçicilərdən səs toplayacaqsa, bu parlamentin üzvü olacaq. Parlament ilk növbədə qanunların keşiyində olduğunu istənilən formada bildirməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ.İsrafil. Təşəkkür edirəm. Açığı, bu məsələ ilə bağlı danışmaq istəmirdim. Müxalifətdən yalnız Pənah Hüseyn danışdı, amma sonra millət vəkillərinin hər biri çıxışlarını Pənah Hüseynin dediklərinin üzərində qurmağa çalışdı. Burada 2010-cu ildə yaşlı insanlarımızın alacaqları pensiyanın miqdarı barədə müzakirə açılmalı idi. Mən hesab edirəm, bu müzakirənin nəticəsində insanlar bilməli idi ki, 75 manat pensiyanın üzərinə bir 10 manat gələcək, ya gəlməyəcək?
Burada gələn il üçün inflyasiyadan danışılır, 3, 5, 7, 12 kimi müxtəlif rəqəmlər səslənir. Bu dəqiqə o ahıl, yaşlı insanlarımızı ölkədə, dünyada gedən iqtisadi böhran maraqlandırmır. 30 il, 50 il bu ölkəyə xidmət edən insanları 75 manatın artırılması maraqlandırır. Mən təəssüf edirəm ki, bu gün burada, heç olmasa, gələn il alacaqları məbləğ barədə onlarda bir fikir yarada bilmədik.
Mənim fondun rəhbəri kimi Səlim Müslümovun son illərdə gördüyü yaxşı işlərə kölgə salmaq niyyətim yoxdur. Əvvəllər kimlərsə kəndlərə gəlirdi, bu yaşlı insanları axtarırdı, müavinətlərini verirdi. Amma indi o insanlar 30, 40 kilometr məsafə qət edib rayon mərkəzinə getməlidirlər ki, pensiyalarını alsınlar. İndi rayon mərkəzinə gedib-gəlməklə bağlı problemləri siz hamınız bilirsiniz.
Hörmətli Nazim müəllim dedi, amma təkcə Gədəbəydə deyil, bütün bölgələrdə bankomatların çoxaldılmasına ehtiyac var. Heç olmasa, bir neçə kəndi birləşdirən bir mərkəzdə bu bankomatlar quraşdırılsın, çünki müxtəlif xərclər var. Yaşlı insanların rahatlığını təmin etmək üçün bu bankomatların sayının artırılması lazımdır. Onların pullarını digər banklardan almasına da imkan yaradılmalıdır.
Burada müxalifətin dediyi fikirlərə münasibət bildirilir. Demirəm ki, qərəzli olan fikirlərə münasibət bildirilməsin. Ola bilsin, hansı isə bir fikir qərəzli görünsün, amma bütün dünyanı inkişaf etdirən iqtidarın, müxalifətin mövcud olmasıdır. Müxalifətin dediyi fikirləri iqtidarın diqqətə alması lazımdır. Təkcə bizim ölkəmizdə deyil, bütün ölkələrdə səhvlər, nöqsanlar, çatışmazlıqlar, korrupsiya və rüşvət barədə deyilir. Çalışılmalıdır ki, hökumət də, hakimiyyət də bu deyilənlərin qarşısını alsın. Mən necə deməyim ki, bələdiyyə seçkiləri ilə bağlı bəlkə də mənə 10 rayondan zəng ediblər. Ölkəmizdə bu əhəmiyyətli seçkinin keçirilməsini təşkil etməlidirlər, amma təəssüflər olsun, etmirlər. Bu gün bələdiyyə namizədlərimizi polis müstəntiqləri çağırırlar ki, siz imza vərəqlərinizi verməyin.
Sədrlik edən. İkram müəllim, büdcədən danış. Sən bir dəqiqənin içində yenə polisdən danışırsan. Bura polisin yeridir? Milli Məclis büdcəyə baxır. Sonra deyirsiniz ki, çıxışlara münasibət bildirirlər. Həqiqətən, qərəzli çıxışlar edirsiniz. İndi Pənah bəydən danışırsınız. Pənah bəy qəhrəmandır, sonra? Danışdı, cavab verdilər. Dünən xahiş etdim ki, gəlin, büdcəni müzakirə edək.
Heç kim tənqidin əleyhinə deyil. Tənqid də olsun, ancaq qərəzli yox. Çıxış naminə çıxış, populist sözlər olmasın. Outrmuşuq burada, 4 gündür işləyirik. Gəlin, Milli Məclisin imicini çox aşağı salmayaq. Heç kim demir ki, tənqid etməyin, edin, amma əsaslı tənqid edin. Büdcədən danışırsan, sonra deyirsən ki, polis belə gəldi, bələdiyyə belə getdi. Tənəffüs.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. Günün birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi ilə əlaqədar xeyli çıxışlar oldu, fikirlər səsləndi. İndi hörmətli Səlim Müslümova şərait yaradaq, bu fikirlərə münasibətini bildirsin. Buyurun, Səlim müəllim.
S.Müslümov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İlk növbədə icazə verin, sizin hamınıza dərin təşəkkürümü bildirim ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin çox geniş, ətraflı müzakirəsində iştirak etdiniz, öz dəyərli təkliflərinizi bildirdiniz. Biz bu təkliflərin hamısını qeyd elədik və növbəti büdcə layihələrində onların müəyyən qismini nəzərə alacağıq. Yəqin ki, bizə müəyyən vaxt veriləcək, imkan olarsa müəyyən qismini də nəzərə almağa çalışacağıq. Bu barədə yəqin ki, Milli Məclisə ətraflı məlumat veriləcək.
Burada bəzi suallar oldu, mən ilk növbədə onlara cavab vermək istəyirəm. Nazim Məmmədov özəl pensiya fondlarının yaradılması və xidmətlərin bütün bankomatlar arasında bölüşdürülməsi ilə bağlı sual ünvanladı. Hörmətli Nazim müəllim, təbii ki, özəl pensiya fondlarının yaradılması Azərbaycanda sığorta-pensiya sistemində xüsusi rola malik olan yeni bir elementin ortaya qoyulması deməkdir. Bu, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapıb. Hələ 2005-ci ilin may ayında dövlət başçısının fərmanı əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən özəl pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Prezident Aparatına təqdim olunmuşdur. Lakin həmin layihədə qoyulmuş müəyyən məsələlər sonrakı dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı olaraq müəyyən qədər dəyişikliklərə uğradığından hazırda onun üzərində işlər aparılır. Dünya bankından, digər təşkilatlardan ekspertlər dəvət olunub. Həmin qanun layihəsinin hazırlanması və növbəti illərdə qəbul olunması qeyd elədiyim kimi, dövlət proqramında öz əksini tapıb. Amma demək istəyirəm ki, özəl pensiya fondlarının fəaliyyətə başlaması, onun qanunvericilik bazasının formalaşdırılması, təbii ki, Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olan məsələ deyil, biz, sadəcə olaraq, bu prosesdə öz əməyimizi ortaya qoya bilərik.
Qaldı ki bankomatların qurulması və pensiyaların əhaliyə çatdırılması ilə bağlı xidmətlərin göstərilməsi zamanı bütün bankların burada iştirak etməsinə, bildiyiniz kimi, pensiyaların ödənişinin avtomatlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust saylı fərmanı əsasında həyata keçirilmişdir. Həmin fərmana görə bu prosesi həyata keçirmək üçün tender elan olunmuşdur. Həmin tenderdə banklar içərisindən 7 not üzrə qaliblər müəyyənləşdirildi. Mən qeyd eləmək istəyirəm ki, tenderdə özəl banklar da, dövlət bankları da iştirak edirdi. 4 not üzrə həmin tenderdə Azərbaycan Beynəlxalq Bankı, 3 not üzrə isə Kapital Bank qalib gəldi. Ən aşağı qiymət verən və bankomat şəbəkəsi respublikada ən güclü olan banklar seçilmişdir. Tender komissiyasının tərkibində müxtəlif nazirliklərin nümayəndələri də iştirak edirdi. Yəni bu proses bizim tərəfimizdən müəyyənləşdirilmir. Bu, tender yolu ilə müəyyənləşdirilir və burada ən aşağı qiymət verən bank seçilir. Amma o verilmiş plastik kartların vaxtı bitdikdən sonra biz yeni tenderin keçirilməsi haqqında təkliflə çıxış etməyi qərara almışıq. Nə üçün? Çünki həmin tenderlər keçirilən zaman ölkədə yalnız bir azərikart sistemi fəaliyyət göstərirdi. Bu da Beynəlxalq Banka imkan verirdi ki, burada aşağı qiymətlər verərək tenderi udsun. Amma indi Kapital Bankın da özünün prosessor kampaniyası artıq fəaliyyətə başlayıb. Hazırda üçüncü prosessor kampaniyası Milli Bank tərəfindən formalaşdırılmaqdadır. Bütün bunları nəzərə alaraq, yaxın illərdə, yəqin ki, ya növbəti ildə, ya da 2011-ci ildə biz yenidən bu sahədə növbəti tenderin keçirilməsi barədə təkliflə çıxış etmək fikrindəyik. Yəqin o zaman müvafiq bankomat şəbəkəsi olan banklar da bu prosesdə iştirak edə bilərlər.
Elmira xanıma fasilə zamanı məlumat verdim, çıxışımda da qeyd elədim. Növbəti ildə uşağın doğulmasına görə verilən müavinətin 50 manatdan 70 manata qaldırılması nəzərdə tutulub və bizim Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində də bu məqsədlə əlavə vəsait verilməsi proqnozlaşdırılmışdır. Masallıda, Gədəbəydə, bir sıra digər rayonlarda bankomatların qoyulması məsələsinə toxunuldu. Bu proses bildiyiniz kimi, müəyyən qədər vəsait tələb edir. Bir bankomat ən azından 50 min ABŞ dollarına başa gəlir. Bundan sonra onun quraşdırılması, rabitə ilə, elektriklə təmin olunması xərcləri var. Bunun üçün biz həmin banklarla danışıqlar aparırıq. Mən sizə bir daha bildirmək istəyirəm ki, bizim tərəfimizdən ayrı-ayrı rayonlarda, əhalinin sıx yaşadığı yerlərdə monitorinq keçirilib. Banklarla bağladığımız müqaviləyə görə hər 1400 pensiyaçıya bir bankomat qoyulmalıdır. Ayrı-ayrı regionlarda 1400 pensiyaçını əhatə edən böyük kəndlərin yaxınlığında bankomatların qoyulması nəzərdə tutulub. Amma təbii ki, bunun üçün bankların da müvafiq vəsaiti olmalıdır ki, bankomatlar alınsın, quraşdırılsın.
Pənah Hüseyn soruşdu ki, əhaliyə vəsaitin çatdırılması xərclərinə ayrılan 19 milyon manat nədir? Bu həmin plastik kartlara görə banklara ödənilən xidmət haqqıdır. Tender keçrilən zaman onu udmuş banklar tərəfindən təklif olunmuş qiymətlər var, birincili, ikincili və üçüncülü plastik kartlar və cibkartlar üçün təklif olunan qiymətlər mövcuddur. Hər bir plastik kartın bir il ərzində xidmət göstərməsi üçün banklar bizdən 7,5 manat vəsait alırlar. Bir də, nağd pulların verilməsinə görə ödənilən vəsaitin 0,3 faizi qədər vəsait götürürlər. Təbiidir ki, bu onların həmin pulu əhaliyə çatdırmaq üçün çəkdiyi xərclərin qarşılığında aldıqları vəsaitdir və bu ödənilməlidir. Əgər bu ödənilməzsə, heç bu vəsaitin əhaliyə çatdırılması təşkil oluna bilməz.
Hikmət Atayev öz çıxışında qeyd etdi ki, pensiya hüququ nə deməkdir və şəxs istəsə pensiyaya çıxa, istəməsə çıxmaya bilərmi? Tamamilə doğrudur. Pensiya nə deməkdir? Burada qeyd olundu ki, pensiyanın iki, üç funksiyası var. Pensiyanın bir funksiyası var. Pensiya insanların əmək qabiliyyəti olduğu zaman əldə etdiyi və yaxud ailələrinin əldə etdiyi gəlirlərin həmin əmək qabiliyyəti hansısa səbəbdən itirildiyi vaxt müəyyən hissəsinin həmin şəxsə, yaxud onun ailəsinə kompensasiya edilməsi deməkdir. Şəxs əgər bu hüququ qanunda qoyulan maddələrə uyğun olaraq əldə edibsə, məsələn, bu gün bizim etdiyimiz dəyişikliklərdən sonra növbəti ildə əgər onun 12 il iş stajı və 62 yaş yarımı varsa, bizə müraciət edib öz pensiyasını tələb edə bilər. O işləyəcək, işləməyəcək, artıq onun öz işidir. Mən sizə məlumat üçün bildirmək istəyirəm ki, bu gün bizdə uçotda olan 1 milyon 305 minə yaxın pensiyaçının təqribən 10 faizi, yəni 131 mini işləyən pensiyaçılardır. Bunlar həm də pensiyalarını alırlar. Bildiyiniz kimi bir neçə il bundan qabaq biz bunu 50 faizdən 100 faizə qaldırdıq və o zaman Milli Məclisdə bu, çox gözəl qarşılandı. Bu gün həmin insanlar həm işləyirlər, həm də pensiyalarını alırlar. Bu onların əldə etdikləri hüquqdur, bunu reallaşdırırlar. Fazil Mustafa bankomatlarda böyük əskinazların qoyulması məsələsinə toxundu. Biz bankomatları daim nəzarətdə saxlamağa çalışırıq. Biz hər gün Bakı şəhərində monitorinqlər həyata keçirir, Kapital Banka və Azərbaycan Beynəlxalq Bankına bankomatda vəsaitin olmaması barədə məlumatlar veririk. Bu, bir texniki prosesdir. Bildiyiniz kimi, bankomatlara vəsait ancaq gecə vaxtı doldurulur. Gündüz bu proses mövcud təlimata görə həyata keçirilə bilmir. Amma açıq demək lazımdır bizim əhali bankomatlardan bu gün əsasən pul götürmək üçün istifadə edir. Xüsusilə ayın müəyyən günləri var ki, pensiyalar, əmək haqları ödənilir. Onda həmin vəsait götürülür və ona görə növbəti gün ora vəsait doldurulmalıdır. Buna görə də belə-belə problemlər ortaya çıxa bilir. Amma bunlar sırf texniki problemlərdir və biz banklarla həmin problemlərin həlli üçün mütəmadi danışıqlar aparırıq.
Hikmət müəllim həm də çoxuşaqlı qadınların və digər bu kateqoriyadan olan insanların pensiyaya çıxma yaşı ilə bağlı danışdı. Məncə, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı bu barədə geniş danışıldı və bizim apardığımız hesablamalar əsasında həmin qanuna müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər üzrə də biz növbəti ildən pensiya təyinatını həyata keçirəcəyik.
Pənah Hüseyn soruşdu ki, növbəti ildən sosial sığorta haqlarının məbləği niyə azaldılacaq? Mən hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, mən çıxışımda bu məsələyə geniş şəkildə toxundum. Bu il nəzərdə tutulurdu ki, ölkədə əmək haqları 35 faiz qaldırılacaq, 20 faiz də inflyasiya olacaq. Həmin inflyasiya olmadığına görə əmək haqlarınin normal artımı bu il ilin sonuna 16,7 faiz proqnozlaşdırılır. Amma əvvəl 35 faiz proqnozlaşdırırdı. İnflyasiyanın kompensasiya edilməsi üçün 20 faiz, əmək haqlarının artımı şəklində 15 faiz. Amma gördüyünüz kimi, inflyasiya baş vermədiyi üçün əmək haqların artımı 16,7 faiz təşkil edəcək. Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları formalaşan əmək haqqı fondundan 25 faiz olaraq alınır. Ona görə də bu il gözlənilən məcburi dövlət sosial sığorta haqlarının məbləği 1 milyard 42 milyon manat olacaq və gələn ilə isə 1 milyard 221 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, gələn il məcburi dövlət sosial sığorta haqlarının artımı 179 milyon manat nəzərdə tutulur. Bunun da böyük bir hissəsi əmək haqlarının növbəti ildə nəzərdə tutulan artımı, 0,5 faizlik hissəsi isə əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqqı ödəyənlərin sayının artırılması hesabına baş verəcəkdir.
Burada məsələ qaldırıldı ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının saxlanması xərcləri 19 milyon manatdır. Mən elə düşünürdüm ki, Ziyafət müəllim, bəlkə elə buna görə bizə “sağ ol” deyəcəklər, çünki neçə illər ərzində ilk dəfə olaraq müəyyən bir orqanın saxlanma xərcləri azaldılıb. Yadınızdadırsa, keçən il Dövlət Sosial Müdafiə Fondunun saxlanılması xərcləri 20,4 milyon manat idi. Biz növbəti ildə bunu 19 milyon manata endiririk. Mən çıxışımda da qeyd elədim, bu onunla bağlıdır ki, biz avtomatlaşdırma prosesini başa çatdırırıq və növbəti ildə bununla bağlı işçilərimizin müəyyən hissəsini ixtisara gedəcəyik. Valeh müəllim də, Siz də çıxışınızda qeyd elədiniz bizim saxlanma xərclərimiz Dövlət Sosial Müdafiə Fondu büdcəsinin cəmi 1,08 faizini təşkil edir. Bu, MDB məkanında ən aşağı göstəricidir.
Hörmətli deputatlarımızın diqqətinə çatdırıram ki, Pənah Hüseynin Fondun ləğv edilməsi barədə bir təklifi oldu. Dünyanın bütün ölkələrində pensiya fondları var, fəaliyyət göstərir və əmək qabiliyyətini itirən əhalinin pensiya ilə təminatını bu fondlar həyata keçirir. Dövlət Sosial Müdafiə Fondu bu prosesi artıq 1992-ci ildən həyata keçirir. Onun bir daha diqqətinə çatdırmaq istəyirəm ki, həmin fond 1992-ci il sentyabrın 30-da yaradılıb. Ona görə də burada buna qarşı fikir söyləməyin yeri də yoxdur. Pənah bəyin özü bu fondu yaradanların ən başında duranlardan biri olub. Bu gün fondun ləğv olunması haqqında belə sözlər söyləməyə, məncə, ehtiyac yoxdur, çünki fond bu gün bu prosesi çox fəal şəkildə həyata keçirir və keçirməkdə də davam edir.
Mən elə fikirləşirəm ki, 2001-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası”nda nəzərdə tutulmuş bütün müddəalar bu gün uğurla reallaşdırılır. Qaldı ki məşğulluq və əlillərin sosial müdafiəsi məsələlərinə fondun büdcəsindən vəsait ayrılmasına, mən bir daha bildirirəm “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə həm məşğulluq, işsizlik, həm də əlillərin sosial müdafiəsi sosial sığortanın bir növü hesab olunur. Həmin növlər üçün sosial sığorta haqqı hesabına tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və buna uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən həmin məqsədlərə ilbəil vəsait yönəldilir.
Burada hörmətli Əli Məsimli tərəfindən müəyyən məsələlər qaldırıldı. Bir sıra iqtisadi göstəricilərə, o cümlədən sosial iqtisadi göstəricilərə baxılması məsələsini dedi: Mən bir daha qeyd eləmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiya islahatları konsepsiyasında, həm də sonrakı illərdə cənab Prezidentimiz tərəfindən imzalanmış müxtəlif fərman və sərəncamlarda və Milli Məclis tərəfindən qəbul olunmuş qanunlarda nələr nəzərdə tutulubsa, onların icrası təmin edilib və bu gün də təmin edilməkdədir. Buna uyğun olaraq da sığorta-pensiya sisteminin inkişafı həyata keçirilir. Amma, ümumiyyətlə, biz qaldırılan məsələlərin hamısını qeyd eləmişik və bu məsələlərlə bağlı Əli müəllimlə müəyyən fikir mübadiləsi aparacağıq. Hansı məsələləri nəzərə almaq mümkündürsə, o məsələlərin üzərində ayrıca dayanmaq və bu məsələlərlə bağlı gələcəkdə müəyyən addımlar atmaq, fikrimcə, mümkündür. Əli müəllim uşaq müavinətlərinin müəyyən hissəsinin ləğv edilməsi ilə bağlı məsələ qaldırdı. Mən elə düşünürəm ki, hər bir şəxsin, hər bir ananın doğulmuş uşağa görə vəsait almaq hüququ vardır və praktika da göstərir ki, demək olar ki, bu hüquq 99 faiz reallaşdırılır. Növbəti ildən də bu məbləğ 50 manatdan 75 manata qaldırılacaqdır. Belə bir meyar tapmaq, məncə, çox çətindir ki, bu hansı ailəyə verilsin, hansı ailəyə verilməsin. Hörmətli Əli müəllim, məsələ ondadır ki, bu, sosial sığortanın bir növüdür. Bu, uşağın doğulmasına görə çəkilən xərclərin kompensasiyası üçün ailəyə verilən vəsaitdir.
Çıxış edən bütün deputatlarımıza təşəkkürümü bildirirəm, amma bir xahişim var. Burada, həqiqətən də, müzakirəyə çıxarılan məsələ Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsidir. Burada Səlim Müslümovun şəxsiyyəti, ya da başqa məsələlər müzakirə olunmur. Ona görə mən layihə barədə dəqiq fikirlərini söyləyənlərə dərin təşəkkürümü bildirirəm. Elə fikirləşirəm ki, əgər millət vəkillərimiz bu layihəyə səs verərlərsə, onun reallaşdırılması zamanı onların irəli sürdükləri təklifləri nəzərə alacağıq, həyata keçirəcəyik. Biz tam şəffaf, açıq bir təşkilatıq, növbəti illərdə də təkliflər olacaqsa, hər kəs bizə müraciət edə bilər. İstənilən göstəricini, istənilən rəqəmi də bizdən ala bilər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Səlim müəllim, çox geniş və ətraflı izahata görə sağ olun. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri. Hörmətli Ziyafət müəllim, cənab Sədr, hörmətli millət vəkilləri! Büdcə zərfinə daxil olan...
Sədrlik edən. Ziyad müəllim, üzr istəyirəm, gündəlikdə həm də ehtiyac meyarının həddi haqqında məsələ var. Zəhmət olmasa, hər ikisi barədə məlumat verin.
Z.Səmədzadə. Büdcə zərfinə daxil olan materiallar millət vəkillərinə təqdim edilmişdir. Bir qayda olaraq, büdcə təsdiq olunan zaman həm yaşayış minimumu, həm də ehtiyac meyarı təsdiq olunur. 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir. Ölkədə aparılan uğurlu siyasətin nəticəsində yaşayış minimumunun artma sürəti təmin edilir və yaşayış minimumu ilə əmək haqqı arasındakı nisbət getdikcə azalır.
Millət vəkillərinə məlumat vermək istəyirəm ki, 2010-cu il üçün ehtiyac meyarı 65 manat səviyyəsində müəyyən edilmişdir. Burada da istiqamət ondan ibarətdir ki, yaxın zamanlarda ehtiyac meyarının məbləği ölkə üzrə yaşayış minimumunun məbləğinə çatdırılsın. Bu barədə mən çox ətraflı danışmaq istəmirəm. Bu rəqəmlər onu göstərir ki, ölkə üzrə ehtiyac meyarının məbləği getdikcə yaşayış minimumuna yaxınlaşmaqdadır. Bizim apardığımız araşdırmalar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi ilə apardığımız müzakirələr göstərir ki, yaxın 3-4 il ərzində Azərbaycanda ehtiyac meyarının həddi ölkə üzrə yaşayış minimumu səviyyəsinə qaldırıla bilər. Mən millət vəkillərindən gələcəkdə bu məsələyə də müsbət münasibət bəsləmələrini arzulayardım.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hər dəfə yaşayış minimumu ilə bağlı məsələ müzakirə olunanda, adətən, biz rəqəmlər üzərində fikirlərimizi bildirməyə çalışırıq. Amma çox vaxt da bu rəqəmin ya çox, ya da az olması barədə öz subyektiv fikirlərimizi bildiririk. Cavablar da bu olur ki, büdcə indiki şərtlərə görə bu cür tərtib olunub. Amma iqtisadi kateqoriyalar, normativlər var. Bizdə bu gün yaşayış minimumu bu normativə cavab vermir. Bu nə ilə bağlıdır? Azərbaycan bildiyiniz kimi, beynəlxalq müqavilələrə qoşulub, bir sıra beynəlxalq təşkilatlarla işləyir. Avropa Sosial Xartiyasında qoyulan əsas tələblərdən biri orta əmək haqqı ilə yaşayış minimumu arasında olan məsafənin müəyyənləşməsidir. Burada ən normal məsafənin orta əmək haqının 50-60 faiz civarında olması nəzərdə tutulur.
Əgər diqqət etsəniz, bizim 2009-cu ilin büdcəsinin ilk 9 ayında orta əmək haqqı 297 manat müəyyən olunubdur. Bu müddət ərzində bunun 50 faizi təxminən 148 manat edir. Əgər gələn ilin büdcəsində də 365 manat nəzərdə tutulursa, yenə həmin faiz nisbəti ilə ən azı 182 manat edir. Yaşayış minimumun hesablanması metodologiyasının yanlışlığı üzündən, - ya bilərək, ya da bilməyərək, - hər halda bu məbləğ 87 manat üzərində qurulub.
Real bir sual verilir. İnsan orqanizminin normal, sağlam fəaliyyəti üçün 87 manata hansı imkanlar var? Bu gün dərmanların qiymətindən tutmuş xəstələnən insanın xərclərinə baxın. Metronun gediş haqqına, benzinin qiymətinə, toylarda, müxtəlif mərasimlərdə xərclənən vəsaitlərə baxın, bərbər xərcindən tutmuş başqa adi xidmətlərdən istifadəyə baxın. 87 manat hansı insanın yaşayış minimumunu təmin edə bilər?
Bunun səbəbi odur ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə yaşayış minimumu ilə bağlı məsələyə 3 ildən bir baxılmalıdır və istehlak səbətinin strukturu yeniləşməlidir. Aparıcı ölkələrdə müəyyən olunan məhsulların və xidmətlərin sayı 300–400 civarından yuxarı qalxmır. Bizdə isə 540 adda məhsulun bura daxil edilməsi ilə onların göstəriciləri üzərində istehlak səbətinin müəyyən olunması gedir. Əhalinin böyük əksəriyyəti xidmət və mallardan istifadə etmirlər. Ona görə mən hesab edirəm ki, bu standartlara bir daha diqqətlə yanaşılmalıdır və yaşayış minimumu əhalinin normal təminatı üçün vacib standartlar olduğuna görə bu məsələdə daha ciddi, inandırıcı rəqəmlər ortaya qoyulmalıdır.
Diqqət edirsinizsə, Nazirlər Kabineti bu yanaşmanı da dəyişmədi. Adətən aparıcı ölkələrdə istehlak səbətinin adambaşına hesablanması 2500–2600 kilokalori hesabı ilə müəyyənləşdirilir. Bizdə isə bu rəqəm 2300 kaloridən yuxarı qalxmır. Bu da onu göstərir ki, yaşayış minimumunun aşağı salınması, aşağı rəqəmlərdə göstərilməsi ümumi prinsiplərə, vətəndaşın marağına uyğun olmayan şəkildə hazırlanır. Mən hesab edirəm ki, yoxsulluq həddinin artma tempi ilə qiymətlərin artım tempi bir-birinə uyğun gəlmədiyinə görə bu rəqəm çox aşağıdır, inandırıcı deyil. Avropa Sosial Xartiyasının tələbinə uyğun olaraq bunu orta əmək haqqının 50-60 faizi civarında müəyyən olunmasının təklif edirəm və xahiş edirəm, bu məsələyə diqqətlə yanaşılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm. Müzakirə olunan məsələ bilavasitə əhalinin aşağı, aztəminatlı təbəqəsinin problemləri ilə bağlıdır. Bu məsələyə xeyli dərəcədə ciddi yanaşmağa ehtiyac var. İlk növbədə mən bu məsələyə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun kontekstindən yanaşıram. Orada yazılıb ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial bir normadır”. Görək minimum istehlak səbəti nədir? Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq və qeyri-ərzaq malları və xidmətlərin elmi əsaslar əsasında müəyyən edilmiş bir toplusudur. Eyni zamanda, 5-ci maddədə də bildirilir ki, əmək haqlarının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin müəyyənləşdirilməsi zamanı yaşayış minimumunun nəzərə alınması çox vacibdir. 5.4-də isə bildirilir ki, Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməlidir. Bu qanunda olan maddələrdir. Hər dəfə mən bu məsələləri qaldıranda qanundakı maddələri xatırlayıram. Təşəkkür edirəm, hər dəfə mən bu məsələləri qaldıranda deyilir ki, bunlar doğrudur, düzdür, bu istiqamətdə addımlar atılacaq. Amma hələlik minimum istehlak büdcəsi ilə yaşayış minimumu arasında fərq qalmaqda davam edir. Bu proses təbii ki, aşağı təbəqənin həyat səviyyəsinə mənfi təsir göstərir.
Ölkə üzrə 2010-cu ildə yaşayış minimumu 87 manat götürülüb. 2009-cu ildə biz yaşayış minimumunu 84 manat təsdiq etmişdik. Fərq 3 manatdır. Amma mətbuatda gedir ki, yaşayış minimumu 12 manat artırılacaq. Azərbaycan, rus və ingilis dillərində olan mətbuatda bu formada gedir. Buna düzəliş vermək lazımdır. 12 manat yox, 3 manat artacaq. Bu dəqiq verilsə, daha düzgündür. Çünki camaat birdən bunu görəcək, bu da əks effekt yaradacaq.
İkinci məsələ ondan ibarətdir ki, son dövrlərdə yaşayış minimumu hesablanan zaman Nazirlər Kabinetinin yaşayış minimumunun hesablanması barəsində metodikadan çıxış edilir. Bu metodikadan çıxış etməklə həm Nazirlər Kabineti yaşayış minimumunu hesablayır, həm də müstəqil ekspert, istənilən adam bunu hesablayır. Həm də həmkarlar təşkilatı hər il Nazirlər Kabineti ilə müqavilə bağlayır və burada sosial xarakterli məqamlar öz əksini tapır. Amma çox maraqlıdır ki, axırda Nazirlər Kabinetinin hesablaması zamanı yaşayış minimumu 87 manat, həmkarlar təşkilatının rəqəmi 100 manatdan çox, ekspertlərin rəqəmi isə 130 manat olur. Eyni metodika əsasında hesablananda bu fərqli rəqəmlərə Nazirlər Kabinetinin, həmkarlar təşkilatlarının, bir də, ekspertlərin yenidən baxmasına ehtiyac var. Eyni metodika üzrə hesablamalarda bu qədər fərqin əmələ gəlməsi çox qəribədir. 87 ilə 130-un arasında 43 manat fərq var. 43 manat da Azərbaycan əhalisinin aşağı təbəqəsinin nə isə alması üçün məqbul bir rəqəmdir.
Mən alternativ rəqəmləri demirəm. Ona görə demirəm ki, son dövrlərdə biz müxtəlif ölkələrə gedirik, xüsusilə MDB məkanında gedən proseslərlə tanış oluruq, sosial blokdakı geriləmələri görürük və nəzərə alırıq ki, böhranın bir dövrüdür. Amma hər halda zəruri olan məqamlar var ki, onlar deyilməlidir.
Bunlardan biri ondan ibarətdir ki, biz yaşayış minimumu 87 manat, ehtiyac meyarını 65 manat götürürük. Keçən dəfə burada söz verildi ki, ehtiyac meyarının aradan qaldırılması istiqamətində addımlar atılacaq. Həqiqətən də, bunun elmi əsası yoxdur. Əgər meyardan söhbət gedirsə, bu, ölçüdür. Bu ölçünün yaşayış həddi yaşayış minimumundan aşağı ola bilməz. Bu da əhalinin aşağı təbəqəsinin ən aşağı həddidir. Bu meyarın yaşayış minimumundan da 22 manat aşağı salınması problem yaradır.
Ziyafət müəllim, bu, ikinci bir problemi yaradır. Məsələ ondadır ki, biz ehtiyac meyarını 65 manat götürəndə avtomatik həmin rəqəmdən ünvanlı sosial yardım tutulur və əhalinin aztəminatlı təbəqəsinə ünvanlı sosial yardım verilməsində istifadə olunur. Beləliklə, yoxsulluğun göstəricisinə təsir göstərməklə 65 manata qədər adamlar ünvanlı sosial yardım alırlar. 65 manatdan 87 manat arasında olan 22 manatlıq hissədə 100 minlərlə insan var ki, bunların Azərbaycan qanunvericiliyi ilə sosial müdafiəyə ehtiyacı olsa da, heç nə almırlar. Ona görə təklif edirəm, bəlkə həmin insanlara, açığını deyim, “ələ baxımlılıq psixologiyası bazar iqtisadiyyatında nə qədər genişlənsə o qədər ziyanlı olacaq” nöqteyi-nəzərindən özünü düzəlt prinsipi ilə yanaşaq. Yəni o da nə isə istehsal eləsin. Bir var balıq tutmaq, bir də var balıqdan istifadə etmək. O insanlara bir müddət kömək etməkdən ötrü yaşayış minimumu səviyyəsində olan əmək haqlarından vergi tutulmaması prinsipi ilə çıxış etmək olar. Çünki onlardan vergi tutanda onların da maaşı elə yoxsulun, sosial müdafiəyə ehtiyacı olanların səviyyəsinə gəlib çıxır. Bu da müəyyən dərəcədə haqsızlığa gətirib çıxarır. Bunu nəzərə almaq lazımdır.
Növbəti məsələ ondan ibarətdir ki, inflyasiya 3 manat hesablanıb. Ümumi inflyasiyadan çıxış edəndə 84 manatdan 87 manata qalxmasında inflyasiya göstəricisi nöqteyi-nəzərindən mənfilik var. Əgər bu, aşağı təbəqələrin sosial müdafiəsinə yönələrsə, onda 500 məhsul üzrə hesablanmış ümumi inflyasiya göstəricisindən yox, əhalinin daha çox işlətdiyi istehlak mallarının, ərzaq mallarının qiymətinin inflyasiyasından çıxış etmək lazımdır. Mən tam əminliklə deyirəm ki, həmin məhsulların qiymətləri ümumi inflyasiya, ümumi qiymət artımından yüksək artır. Bəlkə bu iki paralel göstəriciyə də keçmək lazımdır.
Növbəti arzu etdiyim məsələ ondan ibarətdir ki, bütün ölkələrdə gələcəkdə maaşların müəyyən edilməsində bir göstərici kimi təkcə adambaşına düşmə deyil, ailə üçün də minimumlar hesablanır. Azərbaycanda da orta ailə 4,7 nəfərdən ibarətdir. Lap 5 nəfər götürək. Yəni bu 5 nəfər üçün bu minimum nədən ibarətdir? Özəl sektorla müqavilə bağlanan zaman xüsusən bunlar nəzərə alınır. Həmin ailədə əgər işləməyən yoxdursa, ailədə adambaşına düşən gəlir yaşayış minimumundan aşağı olmasın deyə müəyyən dərəcədə o müqavilələrə də bu təsir göstərir. Əgər qanunvericiliklə müəyyən olunmuş şəkildə belə minimumlar olsa, əlacsızlıqdan ailədə yalnız bir nəfər işləyən varsa, buna xeyli dərəcədə kömək etmiş olar.
Bu məsələdə mən korrektəedici, yaxud da alternativ rəqəmləri ona görə vermirəm ki, böhran dövründə təbii ki, sosial prosesləri tam tənzimləmək mümkün olmayacaq. Amma hər halda yaşayış minimumu ilə orta əmək haqqı, minimum əmək haqqı ilə yaşayış minimumu arasındakı nisbət məsələsi çox aktualdır. Bu gün Azərbaycanın potensialı imkan verir ki, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması istiqamətində addımlar atılsın. Əgər doğrudan da, müxtəlif variantlarla hesablamalar olarsa, əlavə vəsait ortaya çıxmış olar. Amma Azərbaycanda yüksək əmək haqqı olan iş yerlərinin açılması bu problemin həllində ən yaxşı üsuldur. Beləliklə, yeni, yüksək əmək haqlı iş yerlərinin açılması ilə həm pensiyaların artırılması üçün əlavə vəsait gələr, həm də bu, 87 manat yox, 100 manatdan yüksək olar ki, bu da kifayət qədər ədalətli bir rəqəmdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz, həqiqətən, hər il olduğu kimi, bu il də çox ciddi göstəriciləri müzakirə edirik. Məndən əvvəl çıxış edən şəxslərin – həm Fazil müəllimin, həm də Əli Məsimlinin çıxışlarındakı bir sıra müddəaları müdafiə etdiyimi bildirirəm. Hesab edirəm ki, 87 manat artım tamamilə qeyri-obyektiv göstəricidir. Burada bir dəfə çıxışlarda səsləndi, Bakı dünyanın ən bahalı 21-ci şəhəridir. Əhalinin böyük əksəriyyəti də Bakıda yaşayır. Bu baxımdan hansı təşkilat, hansı alim, hansı qrup, hansı nazirlik yaşayış minimumunu hesablayıb? Mən çox istərdim ki, bu barədə mətbuatda müəllifləri də göstərilməklə şəffaf bir şəkildə məlumat verilsin. Məsələn, mən 4 ildir deputatam, hələ bu məsələlər müzakirə edilərkən bizə təqdim olunan qanunvericilik layihəsinə həmin sənədin, həmin hesablamanın, həmin arayışın əlavə edilməsini görməmişəm.
Burada yenə “mənbə” söhbəti meydana çıxacaq. Dövlət büdcəsinin müzakirəsi zamanı dediyim iddianı bir daha tam ciddiyyəti ilə ortaya qoyuram ki, bu cür mənbələr vardır. Elə dünən Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyev çıxış etdi və bildirdi ki, 1 saat 20 dəqiqədə gömrük sistemi ilə vergi, rüsum və aksizlər formasında ölkəyə 790 min ABŞ dolları dəyərində vəsait daxil olur. Elementar hesablama göstərir ki, bu, 12 milyarda bərabərdir. Yəqin Aydın müəllim iş vaxtlarını nəzərdə tutub, yəni 8 saatı nəzərdə tutub, mən bunu qəbul edirəm. 12 milyardı 3-ə böləndə 4 milyard dollar edir. Bu, Dövlət Gömrük Komitəsi vasitəsi ilə bizim neçə ildən bəri təkrarladığımız büdcəyə daxil olacaq rəqəmdir. Bunun stenoqramı var, Aydın müəllimin çıxışının audio və video yazıları var. Əgər təkzib şəklində bu məsələyə aydınlıq gətirilərsə, biz çox şad olarıq. Çox sensasiyalı bir məlumat idi. Bu rəqəm dövlət sirri kimi saxlanılsa da, axır ki, ola bilər bir duyğusal ovqat vəziyyətində güdəmə gəldi.
İkinci məsələ ehtiyac meyarı ilə bağlıdır. Bizim hörmətli mütəxəssislərimiz də bildirirlər ki, ehtiyac meyarı tamamilə subyektiv bir məsələ kimi nəzərdə tutulur. Hörmətli Hadi müəllimin tez-tez təkrar etdiyi kimi, bu reallıqlara, imkanlarımıza, hesablamalarımıza uyğun olaraq müəyyən edilən bir rəqəmdir. Bilmirəm, hörmətli Səlim müəllim burada iştirak edirmi, mən heç vaxt Dövlət Sosial Müdafiə Fondunun ləğvini təklif etməmişəm. Ola bilər düzgün başa düşülməyib. Söhbət iki nazirlik və bu fondun birləşdirilməsindən gedir. Azərbaycan miqyası xüsusilə indiki vəziyyətdə bu qədər böyük bürokratik aparatın saxlanmasına, məncə, imkan vermir və zəruridir ki, bir qənaət edilsin.
Mən niyə bu məsələnin üstündə dururam? Keçən il 210 milyon dollar ünvanlı sosial yardım verilibdir. Bu çox böyük vəsaitdir. Bu, sadəcə, kredit və yaxud texniki kredit xarakterli məsələ deyil, nağd puldur. Bəzi hörmət etdiyim yoldaşlar məndən xahiş etmişdilər ki, bu məsələyə toxunmayım. İndi bu zalda iştirak edir, dünən ünvanlı sosial yardım alanların məsələsi barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun internetdə açıqlaması yayılıbdır. Görün, hörmətli İlqar müəllim nə deyir? O deyir ki, sağlam həyat ictimai birliyi tədqiqat aparıb və məlum olub ki, ünvanlı sosial yardım alanların 85 faizi adlarının siyahısının açıqlanmasını istəmir. Mən Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, dörd ildir dəfələrlə müraciət etməyimə baxmayaraq nəinki respublikada, hətta deputat olduğum rayonda ünvanlı sosial yardım alanların siyahısını ala bilmirəm. Hər hansı bir mərkəz o siyahını necə alıb? Tədqiqatı necə aparıb? Çünki hörmətli İlqar müəllim burada bildirir ki, biz açıqlamırıq, ona görə ki, alanlar istəmir. Üzr istəyirəm ifadəmə görə, bu 210 milyon manat heç kimin, ata-baba mülkiyyəti deyil, bu, dövlət büdcəsinin vəsaitidir, şəffaf olmalıdır. Nəinki 210 milyon, hətta 210 manatın da şəffaflığı tələb olunur.
Əgər bir nazirin müavini çıxış edib deyirsə ki, – bir dəfə də “Azadlıq” radiosunda da bunu demişdi – onların oğulları, qızları var, ərə qız verirlər, oğlan evləndirirlər, istəmirlər, bilinsin, mən bir daha təkrar edirəm, bu, sadəcə olaraq, bütün Azərbaycan cəmiyyətini, o cümlədən Milli Məclisi ələ salmaqdır. Burada mənim özümə də istinad olunubdur ki, Pənah Hüseyn bu barədə məlumat verib. Onun şərhi də bundan ibarətdir. Mən bir daha təkrar edirəm, bu siyahı ona görə açıqlanmır ki, o məbləğin ən azı 50 faizi oğurlanır. Niyə neçə illərdir “bu adamlar büdcə oğrusudur” kimi ciddi bir iddiaya aydınlıq gətirməkdən qaçırlar. Hər bir insan, o cümlədən mən güman edirəm ki, heç bir nazir, heç bir nazir müavini buna cəsarət eləməz. Bu, çox böyük bir vəsaitdir. Belə çıxır ki, bəzilərinin dediyi kimi, bunun arxasında daha yüksək vəzifəli şəxslərin maraqları durur. “Pulu hara köçürürük”, “nə tikirik”, “hara vəsait qoyuruq” – bu cür şayiələr yayırlar.
Mənə məktub gəlib, artıq kartı da vermirlər. Keçən il burada müavin dedi ki, guya onu saxtalaşdırmaq mümkün deyil, bu, bankomatlarda olduğuna görə kart verilir. Əgər prokurorluq və digərləri bunu yoxlasalar görərlər ki, kassalar vətəndaşların kartları ilə doludur. Mənə rəsmi, yazılı müraciətlər var. Deyirlər ki, müraciət edirik, deyirlər ki, sənə min manat düşür, bu başdan 400 manat verək, qalanı özümüz alarıq. Bu nə biabırçılıqdır? Bu nə rüsvayçılıqdır? Bunu təkcə müxalifətçi Pənah Hüseyn demir, dəfələrlə YAP-çılar, müstəqil deputatlar deyib. Neçə dəfə bizim Hesablama Palatasının sədri hörmətli Əsədovdan xahiş etmişik ki, bu məsələ yoxlanılsın. H.Əsədov, prokurorluq bu işə girə bilmirsə, əgər Maliyyə Nazirliyi bunu yoxlayıb ən azı müxalifət olaraq bizi təkzib etmək istəmirsə, bu işin dalında nə isə böyük bir məsələ var.
Mən digər bir məsələyə də toxunmaq istəyirəm. Hörmətli deputatlar, bu gün etiraf etmək lazımdır ki, Milli Məclisdə, həqiqətən, büdcənin müzakirəsinə xeyli vaxt ayrıldı. Əvvəlki illərə nisbətən demokratik baxımdan müzakirələrə xeyli dərəcədə şərait yaradıldı, müəyyən irəliləyişlərdən danışmaq mümkündür. Lakin hörmətli icra hakimiyyətinin nümayəndələri, nazirlər dünən günün axırında danışdılar, Milli Məclisə yanlış, doğru olmayan məlumatlar verdilər, Milli Məclis üzvlərinin əksəriyyətini aldatdılar.
Hörmətli maliyyə naziri səlahiyyətinə aid olmayan bir məsələni, mənim çıxışımda səslənmiş bir fikri şərh etdi. İnvestisiya proqramının layihəsi İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə aid olan məsələdir və həmin sənəd büdcə zərfinə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb, Prezidentə imzalamaq üçün təqdim olunub və bura göndərilib. Hörmətli Samir müəllim dedi ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulmayıb. “Büdcə sistemi haqqında” Qanunun 12.8-ci maddəsində imperativ qaydada göstərilir ki, büdcəyə göndərilən sənədlərin içərisində 3 illik icmal büdcə və builki büdcəni nəzərə almaqla hazırlanmış investisiya proqramının layihəsi təqdim olunmalıdır. Keçən ilin aprel ayında biz qərar qəbul etmişik, Prezident imzalayıb. Əvvəl bu, qeyri-müəyyən idi, “proqram layihələri” o düzəlişlərdən sonra “proqramın layihəsi” olub. Niyə Milli Məclisə doğru-düzgün məlumat verilmir?
Eləcə də, Prezident administrasiyasının xərcləri barədə. Bu bizim qəbul etdiyimiz və məndə olan 5 illik sənədlərin əsasında götürülmüş rəqəmdir. 2005-ci ildə biz bura gəlmişik. 2005-ci ildə Prezident Administrasiyasının xərci 7 milyon idi, indi 47 milyon olub. 2003-cü ilə demişdim ki, artıb, bəli, 12 dəfə artıb. Bu ən azı 7-8 dəfə artıqdır. Orada deyilir ki, guya bu əsassızdır, deputat tərəfindən belə əsassız fikirlər səslənib.
Mən digər məsələlərə də diqqəti yönəltmək istəyirəm. Milli Məclisin rəhbərliyindən xahiş edirəm ki, ehtiyac meyarı barədə qanunu hazırlayıb təqdim edənlər bizə məlumat versinlər, biz onların özünü görək. Mən 5 ildir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin sifətini görməmişəm. Üz-üzə gəlsəm, Allaha and olsun, tanımaram. Burada bu qədər fikir səslənir, niyə durub cavab vermir ki, siz böhtan atırsınız, demaqoqluq edirsiniz, qeyri-elmi danışırsınız. Bayaq hörmətli Valeh müəllim, burada çıxış edib. Mən təəssüf ki, onu dinləyə bilməmişəm. Deyib ki, qeyrətsizlər hakimiyyətə gəlib. Bizim Valeh müəllim, qeyrətimiz də var, inşallah hakimiyyətə də gələcəyik. Əgər qeyrətlə gəlib burada və yaxud hakimiyyətdə oturmaq mümkün olsaydı, tamam ayrı bir düzəliş olardı. Mən sizin kimi yüksək mədəniyyətli adamın ağzından belə qeyri-mədəniyyətsiz sözün çıxmasına görə çox təəssüf edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. İkram İsrafil.
İ.İsrafil. Təşəkkür edirəm, Ziyafət müəllim. Açığı, mənim ünvanlı sosial yardımla bağlı deyəcəyim fikirləri həmkarlarım səsləndirdiyindən bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Son 15 gündə bələdiyyə seçkiləri ilə bağlı 15 rayonda ezamiyyətdə oldum. Olduğum rayonlarda mənə ünvanlı sosial yardım alan insanların müraciətləri oldu. Mən konkret bir rayonda mənə edilən müraciəti deyirəm, digərlərində faktları o qədər də əsaslı görmədiyimə görə demirəm. Bir nəfər mənə müraciət edib dedi ki, bankomatın yanında mənim iş yerim var, fondun işçilərinin şəkillərini çəkmişəm. Əllərində yüzə yaxın kart gəlib bankomata salır, çıxarır. İdarənin bir işçisi insanların kartını cibində gəzdirir. Bu, respublikada hər kəsin danışdığı bir məsələdir, buna bir neçə ildir ki, son qoyulmur.
Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında danışıldı. Bu yaxınlarda “Azəriqaz”ı Dövlət Neft Şirkətinə birləşdirdilər. Bunun çox gözəl bir addım olduğu barədə ciddi fikirlər səsləndi. Mən inanıram ki, 3 nazirlik bu fonda birləşdirilsə, hörmətli Səlim Müslümov onun öhdəsindən gələ bilər. Ona görə təklif edirəm ki, hökumət bu nazirliyin ləğv edilməsi barədə düşünsün.
Əli Əhmədovun fikirlərinə qulaq asdım. Aydın müəllimin təklifi ilə bağlı dedi ki, bəli, lazım olarsa, seçkiləri keçirməməklə pul tapmaq olar. Bu nazirliyi ləğv edib fonda birləşdirmək lazımdır, ciddi vəsait orada var. Oradan ünvanlı sosial yardımı da çatdırmaq olar, fondun işçilərinin əmək haqqını da artırmaq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Hadi Rəcəbli.
H.Rəcəbli. Əgər yoldaşlar bayaq mənim təqdim etdiyim qanun layihəsi ilə bağlı giriş sözümə diqqətlə qulaq assaydılar, görərdilər ki, həqiqətən, belə müzakirələr parlamentdə çox polemikalara səbəb olur. Ümumiyyətlə, sosial məsələlərə toxunan hər bir fikir müzakirə və cəmiyyəti tərpədən mövzudur. Çünki bu problemlər əhalinin aztəminatlı hissəsi ilə bağlıdır. Mən demişdim ki, əsaslı və əsassız deyimlər olur, burada populizmə yer və imkan var. Bu baxımdan hesab edirəm ki, biz bunlara çox reaksiya veririk. Hesab edirəm, bunu adi hal kimi qəbul etmək lazımdır. Populizmə bundan başqa imkan olmur ki. Bu gün pensiyanı 10 dəfə, ünvanlı yardımı da 20 dəfə qaldır deməyə nə var? Bundan yaxşı nə söhbət ola bilər? Hesab edirəm ki, bu məsələlərə bir az ciddi yanaşmaq lazımdır. Həmişə mən mətbuat üçün də, deputat həmkarlarıma da demişəm, bəzi məsələlər müzakirə olunanda gərək biləsiniz ki, bu da bir sənəddir, bu da bir elmdir. Üzr istəyirəm, bunu gərək yoldaşlar bilsinlər. Bu boş söhbət deyil, bunun elmi əsasları, nəzəriyyəsi var. Xahiş edirəm bəzi şeyləri səsləndirəndə gəlin, məsləhətləşək, heç olmasa, nöqtəsinə düşsün, düz olsun. Baxın, görün nədir? Çox deletant bir fikirdir və dünyada bunu heç kim belə inanın deməz. Sosial müdafiə sistemi ilə sosial sığorta sistemi tamam ayrı-ayrı şeylərdir. Sığorta sistemində vəsait yığılır və sonradan paylanır. Sosial müdafiə sistemi isə büdcədən yığılan vəsaitin bölünməsidir. Dünyanın heç bir yerində sığorta sistemi ilə sosial müdafiə sistemi birləşmir. Bizdə əvvəlki illərdə “qocalığa görə pensiya” ifadəsi var idi, əslində o qocalığa görə müavinətdir, işləməyənlərə pensiyadır. Dediyimin məğzində o durur ki, burada bəzi deletant fikirlər səslənir, sonra da mətbuat bundan istifadə edir.
Mən istəyirəm ki, ünvanlı sosial yardımla bağlı cavab verim. Ünvanlı sosial yardım kimə verilir? Əhalinin ən az təminatlı hissəsinə, kasıb adamlara. Beş nəfər ərizə verir, bunun dördünə pul verirlər, birinə vermirlər. Mən demirəm ki, neqativ hallar yoxdur. Cəmiyyət varsa, neqativ hal da var. İnanın ki, əgər 5 nəfərdən biri alırsa, dördü şikayətçidir, qapılara düşəndir, artıq-əskik söhbət danışandır. Mən yenə deyirəm, ola bilər, elə məmur da tapılsın, amma bunu ümumiləşdirmək, məsələni bir az da çətinləşdirmək lazım deyil. Cəmiyyəti, doğrudan da, oynadan, ağrılı bir məsələdir. Bunu bir az da dolaşdırmaq, mənə elə gəlir ki, ədalətsizlikdir.
Mən buradakı rəqəmləri müzakirə etmək istəmirəm, amma bizim hökumət də istərdi ki, bu rəqəm 87 yox, 187 olsun. Bunu başa düşürəm, ehtiyac meyarı, əlbəttə, yaxşı olardı ki, elə 87 manat olsun. Amma bugünkü real imkanlar var. Büdcə bugünkü reallıqlara uyğun olaraq elmi əsaslarla hazırlanıb. Bu rəqəmlər bizim komissiyada da müzakirə olunub. Açığını deyim ki, bəzi müxalifətçilərin dediklərindən fərqli olaraq, komissiyanın iclaslarında çox konstruktiv, çox ağıllı fikirlər olur. Bütün hallarda bunları çözürük, rəqəmlərə baxırıq və müvafiq qərar qəbul edirik. Mən deputat həmkarlarımı bugünkü reallıqlara uyğun bu sənədə səs verməyə çağırıram. Bir arzumu da çatdırmaq istəyirəm. Allah işimizi avand eləsin və qismət olsun ki, biz daha böyük rəqəmləri təsdiq eləyək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, məlumat üçün bildirmək istəyirəm ki, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iclasda iştirak edirlər. İlqar müəllim, nazirliklə bağlı fikirlər səsləndi, münasibət bildirmək istəyirsinizsə, buyurun.
İ.Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Öncə Ehtiyac meyarı haqqında qanun layihəsi barədə söyləmək istəyirəm, çünki deputatların müəyyən fikirləri oldu. Bəli, biz də Əli müəllim dediyi ilə razıyıq ki, ehtiyac meyarı həqiqətən də, müvəqqəti bir göstəricidir, “Ünvanlı sosial yardım haqqında” Qanun qəbul olunarkən ehtiyac və keçid meyarı kimi qəbul edilmişdir. Qanunda da təsbit olunub ki, ehtiyac meyarı mərhələlərlə, tədricən yaşayış minimumuna çatdırılmalıdır. Təbii ki, yaşayış minimumuna çatdırılandan, ehtiyac meyarı və yaşayış minimumu bir-birinə bərabər olandan sonra artıq deyə biləcəyik ki, Azərbaycanda yoxsulluq yoxdur.
Bildiyimiz kimi, 2006-cı ildə “Ünvanlı sosial yardım haqqında” Qanun qəbul olunub və iyulun 1-dən mexanizm tətbiq edilib. Bu müddət ərzində əgər biz 30 manat ehtiyac meyarından başlamışdıqsa, bu gün təklif olunan ehtiyac meyarının məbləği 65 manatdır. Əgər 2006-cı ildə qəbul olunmuş ehtiyac meyarı o vaxtkı yaşayış minimumunun tərkibində 51,7 faiz təşkil edirdisə, keçən müddət ərzində yaxşı dinamika ilə irəliləyiş əldə olunub və bu gün təklif olunan məbləğ 74,4 faiz təşkil edəcək. Mən əminəm ki, yaxın bir-iki ilə, ümumiyyətlə, ehtiyac meyarı bir normativ kimi aradan götürüləcək və bir normativ yaşayış minimumu ünvanlı yardımla bağlı məsələləri tənzimləyəcək.
Digər deputatların çıxışına gəldikdə isə qeyd etmək istərdim ki, bəli, dediyim kimi, 3 ildən artıqdır, ünvanlı sosial yardım mexanizmi fəaliyyət göstərir. Bu müddət ərzində milyonlarla insan bu mexanizmdən bəhrələnib, ailə vəziyyətini xeyli düzəldib. Bugünkü rəqəmə görə 150 min ailə, yəni 700 minə yaxın insan bu yardımı almaqda davam edir.
Yeri gəlmişkən deyim ki, burada səslənən rəqəmlərə görə belə çıxır ki, 150 min insanın bu gün aldığı yardımın yarısı yeyilir. Təbii ki, bu, ağlasığmaz faktdır. Necə bir mexanizm tərtib eləmək lazımdır ki, 75 min ailənin pulu onlara çatdırılmasın, kənarlaşdırılsın? Əksinə, demək istəyirəm ki, 3 il ərzində bu sahə ilə bağlı xeyli işlər görülüb, sadələşdirmələr həyata keçirilib. Yardımın alınmasının vaxtı 6 aydan 1 ilə uzadılıb. Gözəl rejimdə işləyən kompüter şəbəkəsi tətbiq olunub. Kompüter şəbəkəsinin bu formada işləməsi yardımın tətbiq olunmasına və ödənilməsinə gündəlik nəzarətin həyata keçirilməsinə imkan verir. Yerlərdə yardımın tətbiq edilməsi ilə bağlı komissiyaların tərkibi dəfələrlə dəyişdirilib və ictimai təşkilatların orada iştirakına şərait yaradılıb. Bu da şəffaflığın bir göstəricisidir.
Artıq az müddət ərzində görülən işlərin nəticəsində demək olar ki, sosial yardım mexanizmi pensiya və müavinət sistemi kimi insanlar üçün adiləşir. Onun fəaliyyətindən hər bir Azərbaycan vətəndaşının xəbəri, məlumatı var. Bunun nəticəsi olaraq bu müddət ərzində nazirliyə daxil olan ərizə və şikayətlərin sayı da kəskin şəkildə azalıb. Bu gün əsasən, daxil olan şikayətlərin məzmunu yardımdan imtina olunmasından ibarətdir.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, dünyanın nüfuzlu maliyyə qurumu olan Dünya Bankı böyük bir sistemin tətbiqi ilə bağlı bir monitorinq keçirmişdir. Monitorinqdə yeddi min ailə təsərrüfatı iştirak etmişdir. Monitorinqin nəticəsinə görə Azərbaycanda ünvanlı sosial yardım mexanizminin fəaliyyəti 90 faiz ünvanlılıqla nəticələnmişdir. Bu, demək olar ki, ən yaxşı nəticələrdən biridir. Söhbət o yerə gəlib ki, artıq Azərbaycan ünvanlı sosial yardım mexanizminin səmərəli, qabaqcıl mexanizm kimi Vaşinqtonda təqdimatının keçirilməsinə Azərbaycan tərəfi dəvət alıb.
Demək istəyirəm ki, bu, böyük bir sistemdir. Qeyd etdiyim kimi, milyonlarla insan bu sistemin faydasını görür. Eyni zamanda, bu milyonlar minlərlə insan xidmət göstərir. Mən istisna etmirəm, yerli qurumlarda, hər hansı bir inspektor tərəfindən məqsədlər güdülə, artıq hərəkətlər edilə bilər. Amma biz nazirlik olaraq daim bu məsələləri nəzarətdə saxlayırıq. Bizdən başqa, digər dövlət qurumları da var ki, bu məsələlərə nəzarəti həyata keçirirlər. Təkcə nazirliyin təftişi nəticəsində son bir-iki ildə 20 nəfər insan tutduğu vəzifədən azad edilib. Xeyli inzibati cəzalar verilib, bəzi işlər hüquq-mühafizə orqanlarına göndərilib.
Siyahıların açılmasına gəldikdə isə nəzərinizə çatdırım ki, nazirliyin fikri var idi ki, siyahıları internet saytında açıqlayaq və eyni zamanda da, onları yerli orqanların inzibati binalarında açaq. Bizim bu təşəbbüsümüz var idi. Sadəcə olaraq, beynəlxalq praktika onu göstərir ki, biz bu addımı atmış olsaq, həmin insanların hüquqlarını tapdalayacağıq. İnsanlar, həqiqətən, bu məlumatların açılmasını istəmirlər. Mənim bayaq qeyd etdiyim ictimai təşkilat, həqiqətən, bizdən asılı olmayaraq monitorinq keçirib. Monitorinqin nəticəsində məlum olub ki, yardım alan insanların 85 faizi siyahıların açılmasına etiraz edib. Bu mənim istəyim deyil, bu, insanların hüququdur. Bu gün biz o insanların hüquqlarını tapdalaya bilmərik. Əgər bununla bağlı kimdəsə konkret faktlar varsa, biz tədbir görməyə hazırıq. Pənah bəy, burada dedi ki, mən danışıram, çıxsınlar, mənə desinlər ki, böhtan deyirəm, demaqoqluqla məşğulam. Bəli, Pənah bəy sizin danışdığınız böhtandır, demaqogiyadır. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, iclası bazara çevirmə, otur yerində.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, yerindən belə danışmaqla məsələ həll olunmur, özünə inanırsansa, məhkəməyə ver, Milli Məclisin işini pozma.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səni təhqir eləməyə heç kimin ixtiyarı yoxdur. Sənə bir söz deyən kimi özündən çıxırsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Belə alovlu çıxışı məhkəmədə edərsən. Ver məhkəməyə, orada nə qədər istəyirsən, danış.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin cavabını verdi, axı. Dedi ki, beynəlxalq monitorinq keçiriblər, deyiblər ki, açıqlamaq lazım deyil. Qurtar da.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hər kəs bir şeydən danışmalıdır da. Növbəti məsələyə keçirik. “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələnin müzakirəsinə başlayırıq. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2008-ci ilin ortalarından dünyada başlayan maliyyə-iqtisadi böhran nəticəsində dünyada əsas mal və xidmətlərin qiymətinin aşağı düşməsi Azərbaycan Respublikasının ixrac yönümlü məhsul istehsal edən bir sıra dövlət, müəssisə və təşkilatlarının maliyyə vəziyyətinin gərginləşməsinə, müəyyən hallarda isə maliyyə itkilərinə səbəb olmuşdur. Həmin müəssisə və təşkilatların maliyyə vəziyyətlərini sabitləşdirmək məqsədi ilə onların kredit almaları üçün hökumət tərəfindən dövlət zəmanəti verilir.
Eyni zamanda, 2008-ci ildə mövcud makroiqtisadi şəraitlə bağlı həyata keçirilən tədbirlər, habelə valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Azərbaycan Respublikası Mərkəzi Bankının əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının örtülməsi üçün 2009-cu ildə dövlət zəmanəti ilə hökumət tərəfindən Mərkəzi Banka 250 min manatlıq dəyərində uzun-müddətli veksel buraxmağa icazə verilmişdir.
Məruzə edirik ki, “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Qanunu ilə 2009-cu il üçün Azərbaycan Respublikasının daxili dövlət borcalma limitinin yuxarı həddi 750 milyon manat məbləğində təsdiq edilmişdir. Bunları nəzərə alaraq “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə təsdiq edilmiş dövlətdaxili borcunun limitinin yuxarı həddinin 2 milyard 250 milyon manata çatdırılması zərurəti yaranmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanmış, cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmişdir. Obyektiv səbəbləri nəzərə alaraq millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
Y. Əhmədov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Həmişə dövlət büdcəsi müzakirə ediləndə təklif vermişik ki, yaxşı olar, xarici borclanmanın əvəzinə daxili borclanmanı artıraq, xarici borclanma limitinə dəyməyək. 2009-cu ilin dövlət büdcəsində daxili borcalanmanın limiti təxminən 750 milyon manat götürülmüşdür. İndi bizə təqdim olunan qanuna dəyişiklikdə bu rəqəm 2 milyard 250 milyon manat edilir. Yəni daxili borclanmaya təxminən 1,5 milyard manat əlavə edilir.
Biz Ziyad müəllimdən xahiş etmişdik ki, bunun strukturu bizə təqdim olunsun ki, bu 1,5 milyard manat nədən ibarətdir? O struktura baxsaydıq, bilərdik ki, doğrudan da, bu borclanmaya getmək lazımdır, yoxsa yox. Bu adi rəqəm deyil, hər bir rəqəmin dalında başqa şeylər dayanır. Əmlak dayanır, maliyyə dayanır və sair. Ona görə də yaxşı olardı ki, o 1,5 manatın strukturunu bizə təqdim edərdilər. Biz də o struktura baxardıq, fikrimizi deyərdik. Bəlkə strukturun daxilində elə maliyyə mənbələri var ki, millət vəkilləri ona etiraz edəcəklər. Mən xahiş edirəm ki, o strukturu bizə təqdim etsinlər. Ümumi götürəndə biz daxili borclanmanın heç vaxt əleyhinə olmamışıq. Əksinə biz həmişə təqdir etmişik ki, xarici borclanmanın azalması üçün onu artırmaq lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa fikir söyləyən yoxdur. Ziyad müəllim, Vahid müəllimlə Siz bir komitədəsiniz, o strukturu ona göstərərsiniz. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 15.04 dəq.)
Lehinə 96
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Milli Məclisin 2010-cu il üçün xərclər smetası haqqındadır. Buyursun Firudin Hacıyev.
F.Hacıyev. Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 16 milyon 827 min 33 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə paylanmışdır. Milli Məclisin və onun Aparatının 2010-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlara əsasən hesablanmışdır. Xərclər smetasının ümumi dəyərinin 71,35 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclis deputatlarının xarici səfərlərinin sayı kifayət qədər artmışdır. Belə ki, cari ilin 10 ayı ərzində Milli Məclisin deputatları ümumi çoxsaylı xarici və ölkədaxili ezamiyyətlərdə olmuşlar. Bununla bağlı, 2010-cu ilin xərclər smetasında “Ezamiyyə xərcləri” maddəsi üzrə 1 milyon 8 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətləri haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 197 min 700 manat məbləğində vəsaitin ayrılması planlaşdırılmışdır. Qeyd olunan vəsaitdən 46 min 160 manat Milli Məclisə xidmət edən Xətai və Yasamal rayon telefon qovşaqlarının, AzEvrotel birgə müəssisəsinin, Səbail rayon poçt-teleqrafının, hökumət ATS-nin, şəhərlərarası telefon stansiyasının və digər rabitə təşkilatlarının illik abunə haqlarının və xidmətlərinin ödənişi üçün, 104 min 500 manat beynəlxalq və ölkədaxili telefon danışıqları, 15 min manat Avropa Şurasının Parlament Assambleyasından bağlanan telefon danışıqları, 32 min 40 manat isə internet və poçt xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
2010-cu ilin xərclər smetasında “Yanacaq və sürtgü materiallarının alınması” və “Nəqliyyat xidmətlərinin haqqının ödənilməsi” yarımmaddələri üzrə cəmi 366 min 738 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildə müqayisədə 59 min 194 manat çoxdur.
Bildirmək istəyirəm ki, 2010-cu ilin xərclər smetasında “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2009-cu illə müqayisədə 200 min manat artırılmışdır. Bu maddə üzrə cəmi 500 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. 2010-cu ilin xərclər smetasında dəftərxana xərcləri üçün 20 min manat, digər kommunal xidmətləri haqqının ödənilməsi üçün 131 min 291 manat, “İstehlak mallarının və materiallarının alınması” maddəsi üzrə isə 160 min manat vəsait artırılmışdır.
“Nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsində 366 min 738 manat vəsaitdən 216 min 738 manat vəsait yanacaq və sürtgü materiallarının alınması, “Digər nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsində isə 150 min manat vəsait Milli Məclisin xidməti avtomaşınlarının xidmət haqqının ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin qəbulu, onlara göstərilən xidmətlər və sair xərclər üçün 225.413, 282.100 yarımmaddələri üzrə 2010-cu il üçün 590 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Lakin Milli Məclisə gələn çoxsaylı qonaqlara, nümayəndə heyətlərinə göstərilən mehmanxana xidmətləri və sair xərclərin ödənilməsində maliyyə çətinliyi yaranır. Hər ilin sonunda daxili büdcə hesabına 150-180 min manat vəsaitin maddədən-maddəyə yönəldilməsi ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunur. Bu cür məsələlərin həllində hörmətli maliyyə naziri Samir müəllim bizim yazılı müraciətimizə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır.
Bundan başqa, “İdarənin digər xərcləri” maddəsi üzrə 92 min 400 manat vəsait ayrılmışdır ki, bu da binanın saxlanması üçün böyük maliyyə çətinlikləri yaradır. 15 mərtəbəli yeni korpusun istifadəyə verilməsi ilə əlaqədar olaraq “İdarənin digər xərcləri” yarımmaddəsinə 100 min manat, 225.413 – “Digər alışlar və xidmətlər” yarımmaddəsinə isə 60 min manat vəsaitin əlavə edilməsi tələb olunur.
Hörmətli deputatlar, Azərbaycanda gedən quruculuq işləri Azərbaycan Respublikasının Milli Məclisində də öz əksini tapır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 saylı Fərmanının 4.3-cü yarımmaddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 2 fevral tarixli 22 saylı sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının təmiri və 15 mərtəbəli yeni deputat korpusunun inşası üçün əsaslı vəsait ayrılmışdır. Bildiyiniz kimi, 2007-ci il noyabrın 3-də Milli Məclisin tarixində əlamətdar bir hadisə baş verdi. Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlamentin inzibati binasının 15 mərtəbədən ibarət yeni korpusunun təməlqoyma mərasimi keçirildi. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Milli Məclisin Sədri cənab Oqtay Əsədovun tikintiyə gündəlik nəzarəti, ən kiçik tikinti elementinə belə yüksək zövq və həssaslıqla yanaşması Milli Məclisin dünya standartları səviyyəsində inşa olunan yeni korpusunun vaxtından əvvəl, 24 aydan tez başa çatdırılmasında əsas amil oldu.
Yeni korpusun layihəsi “Azərdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış, tikinti işləri “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Korpusun inşasında 700-dək yerli mütəxəssis çalışmış və burada milli ornamentlərdən böyük zövqlə istifadə olunmuşdur.
Nəzərinizə çatdırıram ki, yeni korpusun ümumi tikinti sahəsi 93 min 351 kvadratmetr, işçi sahəsi isə 14 min 595 kvadratmetrdir. Binanın həm xarici görünüşü, həm də interyeri yüksək standartlara cavab verir. Yeni korpusun ilk üç mərtəbəli fasad hissəsi binaya və digər korpusa uyğun olaraq qranit tipli, qalan hissəsi isə metal rəngli alkopon ilə üzlənmişdir. Yeni istifadəyə verilmiş binanın zirzəmisində isitmə-soyutma və su təchizatını təmin etmək məqsədilə müasir avadanlıq quraşdırılmışdır. Zirzəmidə və binanın kürsülü mərtəbəsində 25 avtomaşın saxlamaq üçün dayanacaq və Milli Məclisin mətbəəsi nəzərdə tutulmuşdur.
Yeni binanın birinci mərtəbəsində vətəndaşların qəbulu üçün xidməti otaqlar ayrılmışdır. Binanın 1-ci mərtəbəsində Milli Məclisin arxivi, 2-ci mərtəbəsində kitabxana yerləşdirilmişdir. Yeni inzibati binanın 2-ci mərtəbəsində Milli Məclisin deputatları və işçiləri üçün kompüterləşdirilmiş 2 oxu zalı, ayrı-ayrı komitə iclaslarının keçirilməsi üçün üç iclas salonu, 3-cü mərtəbəsində isə komitələrin birgə iclaslarının keçirilməsi üçün 238 kvadratmetrlik böyük iclas salonu istifadəyə verilmişdir. Bütün iclas salonlarında sinxron tərcümə üçün avadanlıq və mikrofonlar quraşdırılmışdır. Milli Məclisin deputatları və ekspertlərinin xidməti otaqları yüksək keyfiyyətli qapılar, mebel dəstləri, çilçıraqlar və avadanlıqla təchiz edilmişdir.
Sevindirici haldır ki, bu gün Milli Məclisin istifadəyə verilmiş 15 mərtəbəli yeni binasında hər komitəyə bir mərtəbə və hər deputata bir xidməti otaq ayrılmışdır. Yeni korpusun təhvil verilməsi ilə əlaqədar olaraq əsas və 5 mərtəbəli əlavə korpusda Aparat işçilərinin iş şəraiti daha da yaxşılaşdırılmışdır. Bundan başqa, yeni korpusun 15-ci mərtəbəsində sahəsi 400 kvadratmetr olan böyük iclas salonu da istifadəyə verilmişdir. Əlamətdar haldır ki, komitələrin bu salonda ilk dəfə keçirilmiş birgə iclasında dövlət büdcəsi müzakirə edilmişdir.
Bildirmək istəyirəm ki, Milli Məclisin əsas korpusu ilə yeni korpusunu birləşdirən ərazidə sahəsi 500 kvadratmetr olan qış salonu və deputatlar üçün yeməkxana istifadəyə verilmişdir. Əsas binanın 8-ci mərtəbəsində, 1-ci mərtəbənin sanitar qovşaqlarında, polis postlarında və sair yerlərdə əsaslı təmir işləri aparılmışdır. Cari ildə Milli Məclisə 70 ədəd müasir tipli kompüter, faks, kseroks və sair aparatlar alınıb müvafiq otaq və salonlarda quraşdırılmışdır.
2009-cu ildə Milli Məclisin avtoparkının maddi-texniki bazası yaxşılaşdırılmış və yeni avtomobillər alınıb istifadəyə verilmişdir. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında mütəmadi olaraq aparılan yenidənqurma işləri bu gün də davam etdirilir.
Hörmətli Samir müəllim! Yuxarıda göstərilənləri nəzərə alaraq 2010-cu ilin xərclər smetasında “İdarənin digər xərcləri” yarımmaddəsinə 100 min manat, 225.413 – “Digər alışlar və xidmətlər” yarımmaddəsinə isə 60 min manat vəsaitin əlavə olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Hörmətli Sədr, hörmətli deputatlar! 2010-cu ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2010-cu il üçün xərclər smetası haqqında layihənin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Başqa sual yoxdursa, nəzərinizə çatdırım ki, səsvermə büdcə ilə bir yerdə olacaq. Allah qoysa, ayın 24-də bu sənədləri səsverməyə qoyacağıq. İkram İsrafil, deyəsən, sualın var? Buyur.
İ.İsrafil. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mənim yeni korpusun tikintisi ilə bağlı mikrofonda fikir bildirmək imkanım olmayıb. Bu gün Milli Məclisin İşlər müdiri məlumat verəndən sonra bunu özümə borc bildim. Yeni korpusdakı rahatlığa görə Müsavat deputat qrupunun adından hörmətli Oqtay müəllim Sizə, o işdə əməyi olan insanlara təşəkkür edirik. Sağ olun.
Alqışlar.
Sədrlik edən. Camaat fikirləşir ki, Müsavat deputat qrupundan yaxşı söz də çıxarmış. Nə edək, çox sağ olun. Hikmət Atayev.
H.Atayev. Oqtay müəllim, mənim bir sualım var. Biz hamımız çıxışlara qulaq asaraq monitora baxırıq. Mümkünsə, o monitorda olan görüntünü bizim hərəmizin stolunda olan monitora versinlər. Mənə elə gəlir ki, belə olarsa, deputatların yorğunluğu xeyli azalar. Təsəvvür edin, burada hərə mərkəzi monitordan bir mil məsafədə oturub. Hərənin bir cür görmə qabiliyyəti var. Orada oturan deputatlar, ümumiyyətlə, monitoru görmürlər. Bu da yorğunluğa səbəb olur. Mən hesab edirəm ki, əgər bu monitora verilsə, kreslolarımız da hərəkətlidir, bir az hərəkət edərək özümüzə uyğun fokus məsafəni taparıq, yorğunluğumuz da az olar. Mümkünsə, o məsələyə baxarsınız.
Sədrlik edən. Həkim kimi danışdı. Amma göz zəif olanda eynək taxırsan, fokus da düzəlir. Baxarıq, əgər texniki imkan olarsa, edərik. Başqa suallar yoxdursa, Hesablama Palatasının 2010-cu il üçün xərclər smetası haqqında məsələnin müzakirəsinə keçək. Buyursun Heydər Əsədov.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının növbəti il üçün büdcəsi haqqında sizə qısaca məlumat verəcəyəm. Toplam cəmi 3 milyon 727 manatdır. Bu məbləğ 2009-cu ildə nəzərdə tutulan məbləğdən 105 min manat, daha doğrusu 3 faiz artıqdır. Əslinə qalanda Hesablama Palatası özünün sifarişlərini, büdcənin ümumi azalma tempinə uyğun təqdim etmişdir. Lakin iki səbəbdən bu məbləğ artırıldı. Birinci, hər birinizə məlumdur ki, artıq Hesablama Palatasının yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. Bu səbəbdən də obyektiv olaraq gələn il bizim palatanın binasının saxlanması və kommunal-kommunikasiya xərcləri üçün müəyyən vəsaitə tələbat yarandı.
İkinci səbəb ondan ibarət oldu ki, “Hesablama Palatası haqqında” Qanuna edilən dəyişikliklərdən sonra Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi yaradıldı və bu idarəyə 15 əlavə ştat verildi. Deməli, həm saxlanma, kommunal-kommunikasiya, həm də Naxçıvana əlavə edilən ştatlar üzrə bizim xərclərimiz cəmi 200-250 min manat həddində artmış oldu. Əgər bunları çıxarıqsa, Hesablama Palatasının büdcəsi keçən ilin büdcəsindən bir neçə faiz aşağıdır ki, bu da ümumi tendensiyaya, ümumi traektoriyaya uyğundur.
Bildiyiniz kimi, Hesablama Palatasının büdcəsi palata tərəfindən verilən sifariş əsasında müəyyən edilir və bu il də belə oldu. Maliyyə Nazirliyi tərəfindən təqdim etdiyimiz rəqəmlərin heç birinə düzəliş edilməyib, rəqəmlər qarşılıqlı şəkildə razılaşdırılıb. Verilmiş göstəricilərin 81 faizdən yuxarısı yalnız əməyin ödənişi fonduna yönəldiləcəkdir. Lakin bununla bərabər, palata sədri kimi qeyd edirəm ki, bu məbləğ bizə həm palatanın funksional vəzifələrinin yerinə yetirilməsinə, həm audit yoxlamaların keyfiyyətlə həyata keçirilməsinə, həm də yeni inzibati binada beynəlxalq tədbirlərin həyata keçirilməsinə tam şərait yaradacaqdır. Buna görə də hörmətli millət vəkillərindən bizim xərclər smetasının təsdiq edilməsinə səs verməyi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox qənaətlə götürüblər. O təzə binaya görə bir az da artıq vəsait ayırmaq olardı. Həqiqətən, Hesablama Palatası üçün çox gözəl bir bina tikilir. Başqa sual yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bugünkü iclasımız sona çatır. Ayın ya 24-də, ya da 26-da keçiriləcək növbəti iclasda biz büdcənin təsdiqi ilə məşğul olacağıq. Çox sağ olun.