26.11.2009 - tarixli iclasın stenoqramı
MİLLİ MƏCLİSİN İCLASI
26 noyabr 2009-cu il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli Milli Məclis üzvləri, hörmətli media nümayəndələri! İclasımıza başlamazdan əvvəl icazə verin, hamınızı sabahkı Qurban bayramı münasibətilə təbrik edim, hamının ailəsinə xoşbəxtlik və firavanlıq arzulayım! (Alqışlar.)
Qeydiyyatdan keçək, zəhmət olmasa.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 107
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, Nazirlər Kabinetinin hörmətli üzvləri, biz bir neçə gün ərzində 2010-cu il üçün dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədlərin layihələrini hərtərəfli müzakirə etdik. Bu müzakirələr kütləvi informasiya vasitələrində də çox geniş işıqlandırıldı. Həm millət vəkillərinin, həm də hökumət üzvlərinin çıxışlarında qeyd edildiyi kimi, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində belə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir.
İqtisadiyyatın bütün sahələrində yüksək göstəricilər əldə edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin 10 ayı ərzində ümumi daxili məhsulun artımı 8,5 faiz olmuşdur. Bu göstərici dünya ölkələri içərisində ən yüksək göstəricilərdən biridir, MDB ölkələrində isə birinci göstəricidir. Qeyd edildi ki, növbəti il üçün dövlət büdcəsi layihəsi dünya və ölkə iqtisadiyyatının mövcud reallıqları nəzərə alınmaqla hazırlanmışdır. Mən də bu məsələ ilə tamamilə razıyam. Dünyada baş verən qlobal iqtisadi böhran bizi məcbur edib ki, dayanıqlı, riskli bir büdcə hazırlayaq.
Müzakirələr zamanı çoxsaylı suallarınıza və qaldırdığınız məsələlərin bir çoxuna maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov öz cavablarında müəyyən aydınlıq gətirdilər. Bir sıra məsələlərin araşdırılması üçün onlara vaxt verilmişdi. İndi, bu gün biz icazənizlə verilən vaxtdan sonra hökumət üzvlərinin formalaşdırdıqları fikirlərlə tanış olaq və səsvermə keçirək.
Hörmətli millət vəkilləri, bir məqamı da qeyd etmək istəyirəm. Müzakirələr zamanı bir çox millət vəkilləri tərəfindən konkret investisiya proqramları təklif olunurdu. Hesab edirəm ki, bunun haqqında fikirləşmək lazımdır. Bəlkə biz büdcə layihəsinin müzakirəsi zamanı yox, mart ayında, hökumətin hesabatı zamanı bu təklifləri verək ki, həm hökumətin, həm də iqtisadi təşkilatların gələn ilin büdcəsində bu məsələlərə baxmaq üçün imkanları çox olsun, araşdırma apara bilsinlər. Etiraz yoxdur ki? Yəni büdcə hazır olanda elə konkret təkliflər irəli sürürük ki, bu da büdcədə nəyin isə dəyişdirilməsinə, əksini tapmasına imkan vermir. Ancaq həmin təklifləri hökumətin hesabatı zamanı hazırlasaq, hökumətin də bu təkliflərə baxması üçün imkanı olacaq. Etiraz yoxdur ki?
İndi maliyyə naziri Samir Şərifova söz verilir. Büdcə layihəsi haqqında məsələ bitdikdən sonra gündəliyi səsə qoyacağıq.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2010-cu il dövlət və icmal büdcə layihələri Milli Məclisin komitələrində və Milli Məclisin bir neçə iclasında ətraflı müzakirə edilmişdir. İclaslarda çıxış etmiş 76 millət vəkili tərəfindən əhalinin maddi rifah halının, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin yaradılması, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sektorlarına dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və ölkə regionlarının inkişafı, qanunvericilik bazasının və büdcə prosesinin təkmilləşdirilməsi, vəsaitlərin istifadəsinə dövlət və ictimai nəzarətin artırılması və bu kimi digər dövlət əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə dair bir sıra sual, təklif və tövsiyələr irəli sürülmüşdür. Eyni zamanda, müzakirələr zamanı büdcə prosesinə bilavasitə aid olmayan bir sıra məsələlər üzrə təkliflər, tövsiyələr və suallar səslənmişdir. Bütövlükdə qaldırılan məsələ və suallara mənimlə yanaşı, hörmətli Milli Məclis Sədrinin qeyd etdiyi kimi, digər hökumət üzvləri və dövlət orqanlarının nümayəndələri tərəfindən, zənnimcə, ətraflı cavablar verilmişdir.
Müzakirələr zamanı hörmətli millət vəkillərinin irəli sürdükləri təklif və tövsiyələr hökumət tərəfindən təhlil edilmiş, onların həlli yolları, tətbiqi mexanizmi, maliyyə tutumu nəzərə alınmaqla büdcə imkanları daxilində bəzilərinin müsbət həlli üzrə əməli addımlar atılmışdır. Bu zaman hörmətli millət vəkillərinin bir sıra xərclərin artırılması üçün söylədikləri təkliflərdən irəli gələn işlərin həm fiziki həcmi, həm xüsusiyyətləri, həm də maliyyə tutumu və maliyyə təminatının mənbəyi üzrə məsələlər nəzərdən keçirilmişdir. Birmənalı demək olar ki, qaldırılan bir çox məsələlərin nəinki bir büdcə ilində, mən deyərdim, ortamüddətli büdcə dövründə də tam həyata keçirilməsi çox mürəkkəb bir məsələdir.
Digər tərəfdən, təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması geniş müzakirə mövzusu olmuş, qlobal iqtisadi böhranın mənfi fəsadlarının Azərbaycan iqtisadiyyatına təsirlərinin yumşaldılması üçün 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlığının təmin edilməsi prizmasından baxılmışdır. Yuxarıdakılar nəzərə alınmaqla 2010-cu il icmal büdcənin xərclərinin artırılması və dövlət büdcəsinin layihəsi çərçivəsində bir sıra əlavə xərclərin daxil edilməsi üçün zəruri olan dəyişikliklərlə bağlı aşağıdakılar təklif olunur.
Bir sıra dövlət əhəmiyyətli və prioritet vəzifələrin, o cümlədən ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması, alternativ enerji mənbələrinin yaradılması ilə bağlı əlavə vəsaitin ayrılması məqsədilə 2010-cu il icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun 2010-cu il büdcə xərcləri 20 milyon manat artırılacaq. Artım üçün nəzərdə tutulan vəsaitin 2010-cu ilin ölkəmizdə “ekologiya ili” elan olunduğunu nəzərə alaraq ekoloji problemlərin həlli ilə bağlı müvafiq dövlət proqramlarının və dövlət tədbirlərinin maliyyə təminatına, ölkənin enerji balansının artırılmasına, mühüm əhəmiyyət kəsb edən və ekoloji təmiz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur.
Artımlar nəzərə alınmaqla, 2010-cu il üçün icmal büdcənin xərclərinin yuxarı xətti 12 milyard 636 milyon manat təşkil edəcəkdir. Elm xərclərinin, əsasən də elmi tədqiqat institutlarının maddi-texniki təminatlarının yaxşılaşdırılması, onların müasir avadanlıqlarla təchizatı ilə bağlı xərclərin artırılması üçün dövlət büdcəsinin elm xərclərinə əlavə 3 milyon manat vəsait yönəldiləcəkdir. Dərman preparatlarının təchizatının yaxşılaşdırılması üçün səhiyyə xərcləri bölməsində nəzərdə tutulan Şəkərli diabet üzrə Dövlət Proqramı və səhiyyə sahəsindəki digər proqramların maliyyə təminatı ilə bağlı xərclərə əlavə 4 milyon manat veriləcəkdir.
Tarixi abidələrin bərpası, xaricdə ölkəmizin mədəniyyət mərkəzlərinin təsis edilməsi, teatr tamaşalarının qoyuluşu, bədii və sənədli filmlərin çəkilişi və digər mədəniyyət mərkəzlərinin maliyyələşdirilməsi üçün əlavə 6,3 milyon manat vəsait ayrılacaq. Milli Məclisin yeni inzibati binasının istifadəyə verilməsi, habelə Xarici İşlər Nazirliyinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bu qurumların əmək haqqı fondunun müvafiq olaraq 458 və 580 min manat artırılması məqbul hesab edilmişdir.
Bütövlükdə sizin, hörmətli millət vəkilləri, təkliflərinizə müvafiq olaraq dövlət büdcəsi üzrə ayrı-ayrı xərclərin tənzimlənməsi üçün əlavə ayrılması təklif olunan 14,3 milyon manat vəsaitin 13,3 milyon manatı və yaxud 93 faizi sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Yuxarıda qeyd olunan əlavə xərclərin ayrılması 2010-cu il üçün dövlət büdcəsi xərclərinin təqdim olunmuş ümumi məbləğinin artımına gətirib çıxarmayacaqdır, yəni dövlət büdcəsi xərclərinin məbləği əvvəlki kimi 11 milyard 264 milyon manat səviyyəsində qalacaqdır. Dövlət büdcəsinin bəzi xərclərinə tətbiq ediləcək artımlar isə 2010-cu il dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xidmət xərcləri bölməsində valyuta konvertasiyası üzrə xərclər üçün nəzərdə tutulan vəsaitin azaldılması hesabına həyata keçiriləcəkdir.
Eyni zamanda, bildirirəm ki, 2010-cu ildə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin hazırkı layihədə nəzərə alınmayan hissəsi hökumətin diqqətində saxlanılmaqla onların mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcələrində nəzərə alınması üçün tədbirlər görüləcəkdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mövcud potensialından səmərəli istifadə etməklə onun iqtisadi qüdrətinin gücləndirilməsi, əhalinin həyat səviyyəsinin artırılması istiqamətində aparılan məqsədyönlü sosial-iqtisadi kursun növbəti ilin heç də sadə olmayacağı xarici iqtisadi və maliyyə mühiti şəraitində həyata keçirilməsinə əyani dəstək olacaqdır. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizləri bu gün təqdim edilmiş dəyişikliklər nəzərə alınmaqla qanun layihəsinə səs verməyə bir daha dəvət edirəm.
Fürsətdən istifadə edərək, hörmətli Sədr, hörmətli millət vəkilləri, sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və fəaliyyətinizdə uğurlar diləyirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Ziyad Səmədzadə, əlavəniz varmı?
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli maliyyə naziri kifayət qədər məlumat verdi. Onu da bildirmək istəyirəm ki, hazırda hökumət, Maliyyə Nazirliyi Milli Məclisdə qaldırılan təkliflərlə əlaqədar konkret işlər aparır. Artıq bir sıra proqramların, iqtisadi strukturlar arasında koordinasiya işinin, iqtisadi inkişaf konsepsiyasının yeni tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Edilən dəyişikliklər, şübhəsiz ki, millət vəkillərinin qaldırdıqları təkliflərlə bağlıdır. Hesab edirəm ki, ekologiya, səhiyyə, elm sahəsində ediləcək dəyişikliklər müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, 2010-cu ilin dövlət büdcəsi layihəsi bütövlükdə tələb olunan səviyyədə hazırlanmışdır, millət vəkillərindən xahiş edərdim ki, buna müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.17 dəq.)
Lehinə 101
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci məsələ Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqındadır. Buyursun Səlim Müslümov.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə verin, öncə mən də sizin hamınızı qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edim, möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayım.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən bir sıra məsələlər irəli sürüldü. Bunların da əksəriyyəti gələcəkdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində və bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində müəyyən dəyişikliklərin aparılmasını tələb eləyən təkliflər idi. Bu təkliflər ətrafında biz keçən müddət ərzində müvafiq strukturlarla, xüsusən də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müəyyən məsləhətləşmələr apardıq və növbəti dövrdə müəyyən irəliləyişlərin əldə edilməsi üçün iki əsas tədbirin maliyyə mənbələrinin axtarılmasının vacibliyini nəzərə aldıq. Bunlardan birincisi 2006-cı ilin 1 yanvarına qədər pensiyaya çıxmış insanların pensiya təminatı ilə 2006-cı ilin 1 yanvarından sonra pensiyaya çıxmış pensiyaçıların pensiya təminatı arasındakı fərqin aradan qaldırılması istiqamətində addımların atılmasıdır. Hazırda bu məsələ istiqamətində ciddi araşdırmalar, hesablamalar aparılır. Bunun üçün vahid sistemin yaradılması istiqamətində tələb olunan vəsaitin məbləği araşdırılır. Yəqin ki, növbəti 2010-cu il ərzində bu məsələnin həlli üçün müvafiq qərarların qəbul olunması ilə bağlı təkliflər hazırlanacaq.
İkinci, qaldırılan mühüm məsələlərdən biri də bəzi orqanların, xüsusilə məşğulluq orqanlarının, əlillərin sosial müdafiəsi orqanlarının və miqrasiya xidməti orqanlarının saxlanması xərclərinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapması idi. Növbəti ilin büdcəsindən başlayaraq həmin saxlanma xərclərinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilməsinin, sosial sığorta haqlarının isə bütünlüklə yalnız tədbirlərə, yəni əlillərin sosial müdafiəsi, məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur. Bu təkliflərin nəzərə alınması və növbəti dövrlərin büdcəsinin tərtibi zamanı həyata keçirilməsi qərarı qəbul edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.20 dəq.)
Lehinə 102
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 1
İştirak edir 111
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ, 2010-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsi barədə Ziyad Səmədzadə danışacaq.
Z.Səmədzadə. Cənab Sədr, hörmətli millət vəkilləri, bu barədə dəyişiklik nəzərdə tutulmamışdır, amma gələcəkdə ölkənin artan imkanları yol verəcək ki, qarşıdakı illər üçün yaşayış minimumu xeyli dərəcədə yüksəldilsin. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.21 dəq.)
Lehinə 101
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarı haqqında qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hökumətlə, İqtisadi İnkişaf Nazirliyi və digər qurumlarla apardığımız məsləhətləşmələr birmənalı şəkildə imkan verir ki, yaxın vaxtlarda ehtiyac minimumu kateqoriyasından uzaqlaşaq. Bunu minimum yaşayış səviyyəsi həddinə çatdıracağıq. Millət vəkillərindən xahiş edərdim ki, Azərbaycanda baş verən müsbət dəyişikliklərin tendensiyasını nəzərə alaraq bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.22 dəq.)
Lehinə 100
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il üçün xərclər smetası haqqındadır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 4
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2010-cu il üçün xərclər smetası haqqındadır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.24 dəq.)
Lehinə 100
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, hörmətli millət vəkilləri. 2010-cu il dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin layihələri qəbul edildi. Bu münasibətlə sizin hamınızı təbrik edirəm! Millət vəkillərinə, eləcə də hökumət üzvlərinə bu müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm. (Alqışlar.)
Sədrlik edən. Hörmətli hökumət üzvlərinə yaxşı yol, biz izə müzakirələrimizi davam etdirəcəyik. Hörmətli millət vəkilləri, gündəliyi təsdiq etməliyik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac varmı? Buyurun, yazılın. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən də hamını gözlənilən Qurban bayramı münasibətilə təbrik edirəm. Amma çox təəssüf ki, hökumət nümayəndələri burada olanda bunu deməyə imkan olmadı. Mənim dairəmdən 2000 müəllim iki aydır maaş almır və dörd icra nümayəndəliyində pensiyaların verilməsi gecikdirilir. Mən çox istəyərdim ki, hörmətli Maliyyə Nazirliyi və müvafiq dövlət idarələri təcili olaraq bu məsələnin həll edilməsi üçün tədbir görsünlər.
İkincisi, hazırda bilirsiniz ki, çox ciddi bir şəkildə Qarabağ məsələsi yenidən gündəmə gəlibdir və ölkədə əhalinin bütün diqqəti bu ümummilli məsələyə yönəlibdir. Ən ciddi, həyəcanlı narahatlıq ondan ibarətdir ki, “Madrid prinsipləri” deyilən prinsiplərin 4-cü maddəsində “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq işğalçı rejimin “öz müqəddəratını təyin etməsinin qanuni təminatları” kimi ifadələr yenidən bəzi xarici dövlətlərin və vasitəçilərin bəyanatlarında səslənməyə başlayıb. Azərbaycan xalqının və bizimlə söhbət edən seçicilərin, vətəndaşların yekdil rəyi ondan ibarətdir ki, heç bir halda Azərbaycan xalqı Azərbaycanın təslimçilik xəttinə sürüklənməsinə yol verməmək əzmindədir. Dövlətdən, hakimiyyətdən və konkret olaraq Prezident İlham Əliyevdən tələb edirik ki, verilən bəyanatların üzərində dayansın. Bu bəyanatlar boş söz olub qalmasın və hər hansı bir istiqamətdə addım atılarsa, Azərbaycan xalqı onun dediyi fikirləri dəstəkləyir, indi “et” deyir. Əgər başqa istiqamət götürüləcəksə, “et” sözü “get” sözü və tələbi ilə əvəz olunacaqdır.
Qarabağdan danışmışkən deyim ki, Qarabağa gedən yolların vəziyyəti çox dəhşətli səviyyədədir və bu bizi narahat edir. Mən Sabirabad rayonunun deputatıyam. Şirvan − Bəhramtəpə yolu ilə hörmətli nəqliyyat naziri Ziya müəllimin və bizim deputat həmkarımızın heç olmasa, bir dəfə “Jiquli” ilə yox, hətta ən mükəmməl “Cip” maşınında getmələrini xahiş edirəm. Onda yüz minlərlə əhalinin, o cümlədən Qarabağ əhalisinin hansı vəziyyətə düşdüyünü görərlər. Oradan heç eşşək arabası da gedə bilməz. Yüz minlərlə əhalini belə biabırçı vəziyyətə salmaqda davam edirlər. Təkrar edirəm, özü də bu, Qarabağ yoludur.
Nəhayət, bir məsələni də diqqətinizə çatdırmağı vacib bilirəm. Bakı şəhər əhalisini qəza vəziyyəti adı ilə Neftçilər prospektindəki 75 nömrəli binanın sökülməsi ciddi narahat edir. Bu məsələnin də aydınlaşdırılmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah bəy, cənab Prezidentin Goranboy rayonunda verdiyi bəyanatı hamı eşitdi. Mən hesab edirəm ki, Siz bundan bir az ruhlanmısınız, yenə Qarabağ yada düşüb. Amma bəzi bəyanatlara görə bəzi şübhəli məsələləri Milli Məclisə gətirmək lazım deyil. Əgər əlində dəqiq sənəd, fikrin varsa de. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Qurban bayramı münasibətilə bütün millət vəkillərini, xalqımızı təbrik edirəm. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Konstitusiya, Prezidentin fərmanları ilə Ramazan və Qurban bayramlarını qeyd edirik və bunun üçün günlər ayrılır. Mən hesab edirəm ki, əgər Azərbaycan dini dəyərlərə bu qədər sayğı ilə yanaşan bir dövlətdirsə, son vaxtlar məscidlərin uçurulması, bağlanılması tendensiyasına son qoymalıyıq. Hesab edirəm ki, bu, Azərbaycanın tolerant, dini dəyərlərə hörmət edən bir ölkə kimi imicinə çox ciddi zərər vurur. Gələcəkdə də islam ölkələri içərisində aparıcı, örnək dövlətə çevrilmək istəyiriksə, bu yanlış ənənədən əl çəkməliyik.
İkinci, Qarabağ məsələsi ilə bağlı tez-tez müxtəlif spekulyasiyalar gedir. İki rayonun boşaldılması ilə, Qarabağın statusunun tanınması və başqa məsələlərlə bağlı söhbətlər gedir. Oqtay müəllim, xatırlayırsınızsa, mən Türkiyə ilə münasibətlər məsələsindən öncə Sizə bir məktubla müraciət eləmişdim ki, siyasi partiyaların bu prosesə cəlb olunması olduqca vacibdir. Elə məsələlər var ki, açıq iclasda müzakirə oluna bilməz. Amma parlamentdə təmsil olunan siyasi partiyaların Milli Məclis rəhbərliyi səviyyəsində bilgiləndirilməsi ənənəsinin demokratik bir mədəniyyət forması kimi bizdə də inkişaf etdirilməsi zərurəti yaranıb. Ən azı parlamentdə təmsil olunan partiya rəhbərləri, partiya təmsilçiləri bu proseslə bağlı qapalı bir tədbirdə iştirak etsinlər. Belə məlumat alınmasının nə ziyanı var? Heç kim bu ölkənin düşməni deyil, bu ölkənin marağına qarşı hansısa bir addım atmaq düşüncəsində deyil. Deyək ki, müəyyən məlumatların da yayılmaması barədə hər kəs məsuliyyət daşısın, bunu bir öhdəlik kimi də götürə bilərlər. Amma hər halda bu bilgilərin olması, məncə, ümumi işimizin xeyrinədir. Ona görə də təklif edirəm ki, ölkə üçün zəruri, ölkənin taleyi üçün əhəmiyyətli məsələlərlə bağlı parlamentdə Sədr, Sədr müavinləri, lazım olduqda xarici işlər naziri və ya onun təmsilçisinin iştirakı ilə qapalı müzakirələrin, yaxud da məlumatlandırma xarakterli tədbirlərin keçirilməsi ənənəsinə başlayaq. Bu ona görə vacibdir ki, çox vaxt mətbuat da, başqa qurumlar da bizdən soruşurlar. Biz Milli Məclisin üzvü kimi hansı danışıqların, hansı proseslərin getdiyini və ya hansı nəticələrin ola biləcəyini ancaq mətbuatdan oxuyuruq, öyrənə bilirik. Mətbuatda, ola bilsin, kiminsə subyektiv rəyi göstərilir. Biz yanlış nəticələrə gəlməyək deyə, bu ənənənin qoyulmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, doğrusu, cari məsələlər sırasında birinci söz alan hörmətli Pənah Hüseyndən cənab Prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyinin birmənalı müdafiəsini gözləyirdim. Müxtəlif məsələlərlə bağlı ölkədaxili siyasətdə müxtəlif cəbhələri aşmaq olar, amma Qarabağ məsələsində vahid cəbhənin hər zaman yaranmasına bir ehtiyac var. Çünki cənab Prezident ötən dövr ərzində yürütdüyü siyasətdə ən güzəştsiz, sərt mövqeni dilə gətirib, ifadə edib və danışıqlarda da bu mövqenin dəqiq çərçivəsini yaradıb. Nə yazıq ki, Azərbaycanın keçmişində Qarabağ məsələsi siyasi hakimiyyət uğrunda mübarizənin predmeti olub, gərək olmasın. Prezident bu məsələdə mənəvi, siyasi, hüquqi haqqı öz üzərində daşıyan ölkənin birinci şəxsidir, birinci simasıdır.
Cənab Prezidentin Goranboy səfərinə toxundunuz, cənab Sədr. Mən hesab edirəm ki, orada səslənən bəyanatların beynəlxalq dairələrdə ciddi reaksiyalarla qarşılanması, eyni zamanda, bizim üçün də ciddi nəticələr çıxarmağa əsas verir. Bu da ondan ibarətdir ki, hakimiyyətin bütün qolları, o cümlədən parlamentarilər cənab Prezidentin sülh danışıqlarını imitasiya etməməlidirlər. Münhen görüşü həlledici xarakter daşımalıdır. Əks halda Azərbaycan müharibə variantını seçməli olacaqdır. Hərbi və siyasi yüklü bəyanat beynəlxalq dairələr, maraqlı qüvvələr tərəfindən Azərbaycanın hərbi təhdidi, Qarabağ ermənilərinin təhlükəsizliyinə zərbə və sair kimi dəyərləndirilməyə başlandı. Biz hələ müharibə qərarlarını verməmişik, amma ayrı-ayrı beynəlxalq dairələr də siyasi və diplomatik, psixoloji cəhətdən bizim üzərimizə gəlməkdədirlər. Bunun qarşısında parlament, informasiya qurumları, hakimiyyətin digər qolları dayanmalıdır.
Mən bu məsələni onun üçün deyirəm ki, guya Azərbaycanın təslimçi vəziyyətdə qalacağı, Rusiya−Ermənistan müqaviləsinin, yəni hərbi ittifaqının bizim əleyhimizə yönələcəyi, neft müqaviləsinə görə girovluqda qalmağımız, Azərbaycan ATƏT-in Minsk qrupuna qarşı müharibə elan etdi kimi mövzuları gündəmə gətiriblər. Bunlar Ermənistanı hədəfdən yayındırmaq nöqteyi-nəzəridir. Bəli, ATƏT-in Minsk qrupunun məsuliyyətini biz dəfələrlə bəyan etmişik. Onlar hüquq normaları üzərində qurulan çərçivəni yerinə yetirmirlər. Amma bütün hallarda işğalçı Ermənistandır və məsuliyyəti də Ermənistan daşıyır. Ona görə də mən bir parlamentari olaraq, cənab Prezidentin son bəyanatını birmənalı müdafiə edərək, Azərbaycanın hər bir vətəndaşını bu məsələdə ciddi mövqe göstərməyə çağırıram. Əlbəttə, müharibə qərarını ölkə başçısı çıxaracaqdır və həmin qərar parlamentdə operativ də qəbul olunacaqdır. Amma mən hesab edirəm ki, Münhen görüşü öncəsi verilən bəyanat bu görüşə təsir etmək və Ermənistanı təzyiq altında saxlamaq niyyəti daşımır. Cənab Prezident Azərbaycan xalqının düşüncələrini, köklü mövqeyini ifadə eləmiş oldu. Bu, beynəlxalq aləm üçün ciddi mesajdır. Bundan sonra belə mesajların cavabında bizim əleyhimizə yönələn proseslərə qarşı da biz dayanış göstərməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mənim demək istədiyim fikirlərin bir çoxu həmkarım Zahid Orucov tərəfindən səsləndirildi. Sadəcə, bir fikri əlavə etmək istəyirəm. Mənə belə gəlir ki, bu gün Azərbaycanda baş verən hadisələrlə bağlı konkret olaraq cənab Prezidentdən hansısa hesabat istəmək ən azı insafsızlıqdır. Mənə ən maraqlı gələn məsələ bundan ibarətdir ki, dünyanın hər yerində insanlar Azərbaycan Prezidentinin atdığı addımları, çıxışlarını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bizim haqq döyüşümüzü, haqq müharibəmizi başa düşən insanlar cənab Prezidentin gördüyü işlərə bir qəhrəmanlıq nümunəsi kimi baxırlar. Biz hələ də burada oturub nəyisə araşdırmaq istəyirik. Cənab Prezidentin bizə nəyi isə başa salacağını ümidlə gözləyirik. Mənə belə gəlir ki, cənab Prezidentin dediyi fikirlərdən artıq daha sərt, daha aydın heç bir şey demək mümkün deyil.
Sadəcə olaraq, mən burada oturan bütün həmkarlarıma və özümə də eyni bir sualla müraciət etmək istəyirəm ki, biz bir millət vəkili olaraq konkret Qarabağla bağlı hansı işləri görürük? Biz bir millət vəkili olaraq seçicilər qarşısında hansı hesabatı veririk, Azərbaycanın apardığı bu ölüm-dirim savaşında hansı addımları atırıq?
Mən çox istəyərdim ki, heç birimiz bu müharibədə, sadəcə, sorumlu olan insan kimi cənab İlham Əliyevi görməyək. Əgər bu, Vətən müharibəsidirsə, millətin savaşıdırsa, belə bir məsələdə hər kəs sorumludur. Ona görə mən çox istərdim ki, biz cənab Prezidentlə bağlı belə fikirləri yürütməmişdən öncə, millət vəkili olaraq hansı işləri gördüyümüz və Qarabağla bağlı hansı addımları atdığımız haqqında bir hesabat verək.
Mən bu fikirləri təkcə millət vəkillərinə deyil, hər bir azərbaycanlıya aid etmək istəyirəm. Doğrudan da, artıq bizim mübarizəmiz elə bir səviyyəyə gəlib çatıb ki, ölkədə olan 7 yaşından 70 yaşına kimi hər bir şəxs hər hansı bir addım atmalıdır, iş görməlidir. Mən, sadəcə, bu işdə hamıya səbir və əzm arzulayıram. Çox arzu edərdim ki, hər kəs nə iş gördüyünü birinci özündən soruşsun, daha sonra cənab Prezidentdən nə iş gördüyünü, fikirlərini soruşsun. Bir daha təkrar edirəm, daha aydın, daha kəskin, məncə, heç bir şey demək mümkün deyil. İnanmıram ki, hansısa ölkənin başçısı bundan daha aydın və daha kəskin addım ata bilərdi. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülər xanım, Prezidentdən heç kəs hələ hesabat istəmir. Ancaq bəzi millət vəkillərinə mən cavab vermək istəmirəm. Qafiyə ilə sözlər deyirlər: “get”, “et”. Amma vaxtilə xalq öz qafiyəsini deyib. Gedənlərə “get” deyib, edənlərə “et” deyib. Ona görə də, xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən seçicilərimin çox ciddi bir problemini sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu problem İkinci İmişli−Parsabad elektrik xəttinin çəkilişi ilə bağlıdır. Məlumdur ki, 2005-2015-ci illər üçün Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində digər tədbirlərlə yanaşı, həm də 330 kilovoltluq İkinci İmişli−Parsabad hava xəttinin tikintisi də nəzərdə tutulmuşdur.
Adətən, belə böyük layihələr həyata keçiriləndə bu xətlərin keçdiyi ərazi qabaqcadan öyrənilir və insanların yaşayış sahəsinin belə ötürücü xətlərin təsir dairəsindən kənarda saxlanılması üçün qabaqcadan tədbirlər görülür. Daha doğrusu, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, ya bu xətt insanların yaşayış sahələrindən uzaqda çəkilir, bu da mümkün olmadıqda həmin xəttin altına düşən həyətyanı sahələr, yaşayış evləri bu ərazidən köçürülür. Ancaq təəssüflər olsun ki, İmişli rayonunda İkinci İmişli−Parsabad ötürücü hava xətti nəinki insanların həyətyanı sahəsinin üstündən, hətta oradakı yardımçı binaların da üstündən çəkilmişdir.
Çox təəssüf ki, vətəndaşların indiyə qədər müxtəlif instansiyalara müraciətləri cavabsız qalmışdır. Mən də bu məsələnin yerində araşdırılıb, lazımi tədbirlər görülməsi məqsədilə təxminən bir il əvvəl Nazirlər Kabinetinə sorğu ilə müraciət etmişəm. Ancaq mənim sorğumdan sonra “Azərenerji”nin rəhbəri hörmətli Pirverdiyev mənə göndərdiyi məktubda guya həmin ötürücü xəttin insanların həyətyanı sahələrinin, evlərinin üstündən deyil, guya yaşayış məntəqələri arasındakı koridordan keçməs haqqında məlumat vermiş və bu səbəbdən kompensasiya ödənilməsini qeyri-məqbul hesab etmişdir.
Cənab Sədr, mənim əlimdə həmin ötürücü hava xəttinin insanların həyətyanı sahələrinin üstündən keçməsini təsdiqləyən şəkillər də var. Bildirirəm ki, söhbət burada adi elektrik xəttindən deyil, 330 kilovoltluq İkinci İmişli−Parsabad ötürücü hava xəttindən gedir. Bu xəttin insanların həyatı, onların əmlakı üçün nə qədər böyük təhlükə yaratdığını sübut etməyə, hesab edirəm ki, ehtiyac yoxdur. Ona görə də Sizdən çox xahiş edirəm ki, mövcud qaydalara zidd olaraq insanların həyətyanı sahələrinin üstündən çəkilən bu hava xəttinin həmin ərazidə yaşayan insanların həyatları üçün potensial təhlükə mənbəyinə çevrildiyini nəzərə alaraq, səlahiyyətləriniz çərçivəsində məsələyə müdaxilə edib, problemin həllində mənim seçicilərimə kömək göstərəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri, mən də Dağlıq Qarabağ məsələsinə münasibətimi bildirmək istəyirəm. Azərbaycanın hər bir vətəndaşı bu gün həmin məsələlər barədə düşünür və bunlar hər birimizi çox ciddi narahat edir. Mən mətbuatda belə fikirlərə rast gəlirəm. Bəzi mətbuat orqanları Azərbaycanı qınamağa çalışır ki, biz niyə Rusiya ilə yaxınlaşırıq? Mən özüm milli azadlıq hərəkatının nümayəndəsi kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış bir adamam. Hər zaman Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının və NATO-ya üzvlüyünün tərəfdarı olmuşam. Amma NATO Parlament Assambleyasında Azərbaycanı təmsil edən bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etməyənə qədər Azərbaycanı NATO-ya hətta biz Gürcüstan kimi dizüstə düşüb yalvarsaq belə, heç kim qəbul etməyəcək.
Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyəni Azərbaycanın arxasından çəkmək istiqamətində iş gedir. Biz də Rusiya ilə analoji iş aparmalıyıq ki, Rusiya Ermənistana dəstək verməsin. Bilirik ki, torpaqlarımızın işğalında Ermənistanla birlikdə Rusiya da iştirak edib. Amma bugünkü vəziyyət tələb edir ki, Rusiya ilə razılaşma əldə edərək, hətta Azərbaycan kollektiv təhlükəsizlik müqaviləsinə üzv olmağa çalışsın. Rusiya yenidən hərbi bazalarını Azərbaycanda yerləşdirə də, sərhədləri birgə qoruya da bilər. Təki Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanısın və Ermənistana bu istiqamətdə təzyiq göstərsin. Mən burada qorxulu heç nə görmürəm. Torpaqları itirməkdənsə, biz Rusiyanın Azərbaycanda maraqlarının nəzərə alınması istiqamətində müəyyən addımlar atmalıyıq.
Qaldı İranla bağlı məsələyə, İran, bilirsiniz, birtərəfli qaydada viza rejimini aradan qaldırıb. Bizim orada 30 milyon soydaşımız yaşayır. Mən hesab edirəm ki, Azərbaycan dini ekstremizmin, narkotiklərin yayılmasından çəkinməyərək, digər problemlərdən yayınmayaraq Cənubdakı soydaşlarımızın öz vətənlərinin bir hissəsinə sərbəst surətdə gedib-gələ bilmələri üçün imkan yaratmalıdır. Azərbaycan bu barədə açıq danışmalıdır, buna görə heç kim Azərbaycanı qınaya bilməz. Bütün Avropa ölkələri, Amerika Birləşmiş Ştatları bu illər ərzində bildiriblər ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, amma Ermənistanı işğalçı dövlət kimi tanımırlar. Ona görə ki, bunun hüquqi nəticələri də olacaq. Ermənistan işğalçı dövlət olsa da, Azərbaycandan fərqli olaraq Amerika və Avropa tərəfindən daha çox maddi yardım göstərilir. Dağlıq Qarabağdakı separatçı rejimə Amerika hökuməti birbaşa yardım göstərir. Bu günə qədər hələ də 907-ci düzəliş aradan qaldırılmayıb. Ona görə də bu barədə açıq danışmaq və vətəndaşlarımızla da bu məsələni müzakirə etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çox təəssüf doğuran odur ki, hələ də kimlər isə Qarabağ mövzusundan siyasi qazanc əldə etmək istəyirlər. Burada 63 saylı seçki dairəsindən seçilmiş deputat yenə də populust çıxışlar etdi, fikirlər söylədi. Təəssüf doğuran odur ki, bu şəxslər bir zamanlar siyasi hakimiyyətdə olublar və siyasi proses, beynəlxalq danışıqlar haqqında az-çox bilgiyə malik olmalıdırlar. Amma göründüyü kimi, konfidensial danışıqlar, onların aparılması qaydaları, bu danışıqlarla əlaqədar məlumatların çatdırılması barədə və diplomatiyanın incəlikləri barədə hələ də kifayət qədər insanlarda, yumşaq desək, bilgi yoxdur.
Bunlar nədən irəli gəlir? Madrid prinsipləri, onun 4-cü maddəsi. Haradadır Madrid prinsipləri? Dövlət, Azərbaycan hakimiyyəti bu və ya digər sənədə imza atmayıbsa, həmin sənəd sənəd sayıla bilməz. Qarabağ danışıqları ilə əlaqədar yüzlərlə variantda, yüzlərlə formada masa üzərində sənədlər ola bilər, Praqada, Madriddə, Osloda da danışıqlar aparıla bilər. Harada aparılmasının fərqi yoxdur. Əgər beynəlxalq münasibətlər sisteminə nəzər salsanız, görərsiniz ki, dövlət bu və ya digər sənədi rəsmən açıqlayaraq qəbul edib-etmədiyini bildirməyibsə, həmin sənəd haqqında danışmaq, sadəcə, gülüncdür.
Azərbaycanın mövqeyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyan edilir. Biz kimə inanırıq? Ermənistanın yaydığı dezinformasiyayamı? Erməni mətbuatında bu və ya digər dırnaqarası analitiklərin fikirlərinəmi? Yaxud Azərbaycanda Qarabağ məsələsi və onun incəlikləri barədə kifayət qədər təcrübəsi, bilgisi olmayan bu və ya digər yazarlaramı? Mən bu cür çıxışlar edildiyinə təəssüflənirəm. Azərbaycanın mövqeyi konkretdir, qətidir. Bu gün 17 min kvadratkilometr ərazimiz işğal altındadır. Əgər bu və ya digər məsələlərdə kömək etmək istəyirsinizsə, gəlin işğal olunmuş ərazilər haqqında qanun qəbul edək və xarici təşkilatların, müxtəlif qurumların bu ərazidəki fəaliyyətlərini məhdudlaşdıraq, buna qadağalar qoyaq. Hər hansı beynəlxalq təşkilatın, xarici şirkətin bu ərazidə iş görməsini əvvəlcədən məhdudlaşdırmaqla xəbərdarlıq edək. Bu istiqamətdə addımlar ata bilərik. Amma mən xahiş edirəm, biz Qarabağ mövzusunu istismar etməyək və bundan vasitə kimi yararlanıb populist çıxışlar edərək cəmiyyətə bu və ya digər mesajlar verməklə nə isə qazanacağımızı güman etməyək. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bütün həmkarlarımızı qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Burada bir sıra fikirlər səsləndi. Mən də həmkarlarımın fikirlərinə qoşulub demək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti istər Azərbaycanın siyasi mövqelərinin, istərsə də digər mövqelərinin müdafiəsində var qüvvəsi ilə Azərbaycan xalqının maraqlarını ifadə edir və hər bir görüşü barəsində də xalqın qarşısında məlumat verir. Xalqı məlumatlandırır ki, bu proses hansı vəziyyətdədir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün iqtisadi, siyasi, sosial, hərbi potensial işə düşübdür və artıq bu, göz qarşısındadır.
Bu günlərdə büdcəni təsdiq etdik. Ordumuz üçün ayrılan büdcə xərclərinin artırılması, ordunun yeni texnika ilə təmin olunması və əsgərlərin, zabitlərin, o cümlədən işğal altında olan torpaqlarımızdan didərgin düşmüş insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması, onlar üçün evlərin tikilməsi, mənzillərin verilməsi və onların psixoloji cəhətdən reabilitasiyası və yenidən həmin ərazilərə qayıtmaları üçün tam rahat şəkildə təminat verilməsi məsələləri bu gün göz qarşısındadır. Hər gün biz bunun şahidi oluruq. Belə olan tərzdə hər hansı bir bəyanatların verilməsi... Həmkarım Mübariz müəllim çox gözəl dedi, 1990-cı illər deyil ki, Qarabağ, Azərbaycan torpaqları siyasi alver mənbəyinə çevrilsin. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün çalışmalıdır.
Başqa bir fikrə də münasibətimi bildirmək istəyirəm. Bu gün Azərbaycanda çoxlu sayda işlər görülür. İndi burada həmkarımız qeyd etdi ki, bir ərazinin yolu digərinə nisbətən xarabdır. Dünənə qədər Azərbaycanda bir Bağırov körpüsü var idi. Bu gün 20-dən artıq körpü tikilibdir. Bu gün Azərbaycanın bütün istiqamətlərinə yeni yollar salınır. Yollar da növbəli qaydada salınır. İndi kimin isə əlində sehrli çubuq yoxdur ki, çubuğu bir dəfə fırlasın və bütün yollar düzəlsin. Bunun strukturu var, bununla bağlı iş aparılır. Siz bir yeni açılmış Şamaxı yolu ilə gedin, görün ki, necə yüksək səviyyədə yollar tikilib. Buradan Gəncəyə və Gəncədən Qazaxa qədər olan yollara nəzər salın. Bu yaxınlarda həmin yolun bir hissəsinin tikintisi başa çatıb və davamı yenə tikiləcəkdir. Cənub bölgəsinə gedən, yeni yolların Quba-Xaçmaz istiqamətində yeni beton yolların salınması Azərbaycan tarixində olmayan şeylərdir. Yəni dövlətin imkanı var və dövlət bu imkanlarını səfərbər edir, bütün sahələrdə olduğu kimi, bu sahədə də işlər aparır.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də həmkarlarımı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Burada müxtəlif məsələlərə toxunuldu. İlk növbədə mən bələdiyyə seçkiləri ilə bağlı məsələlərə toxunmaq istəyirəm. Təəssüf edirəm ki, bələdiyyə seçkiləri qabağı yaradılan şəraitdə müxalifətin ünvanına müxtəlif sözlər səslənsə də, müxalifətin seçkilərdə iştirakı minimuma endirildi. Əksər rayonlarda bələdiyyə seçkilərinə birbaşa icra strukturlarının müdaxiləsi oldu, yerli icra hakimləri DSK-lara birbaşa təsir etdilər, namizədlərə namizədliklərini geri götürtmək üçün polisdən, bələdiyyədən, yerli icra nümayəndələrindən istifadə etdilər. İnsanları təhdid və qorxu ilə namizədliklərindən geri çəkilməyə məcbur etdilər. Burada hansı isə rayonun adını çəkmək mümkün deyil, respublikanın istisnasız bütün bölgələrində belə oldu. Mən təəssüf edir və hesab edirəm ki, bəyan etdiyiniz bu cür demokratik seçki ilə, o cümlədən də bələdiyyələrin statusu ilə bağlı gələcəkdə Azərbaycan seçicilərinin bələdiyyələrə münasibətləri adekvat olmayacaq və bu çox ciddi problemlər yaradacaq. Təəssüf ki, seçkinin də nəticələrini əvvəlcədən şübhə altına alacaq.
Burada Qarabağ məsələsindən danışıldı və bəyanatlar səslənildi ki, Azərbaycan Rusiya ilə müttəfiq olsun. Bunları hörmətli həmkarımız Qüdrət bəy dedi. Rusiya Azərbaycanda yeni Xocalımı törətsin? Yeni faciələrəmi imza atsın? Azərbaycan bu və ya digər şəkildə Qarabağ problemini Rusiya ilə bir mərhələdə həll edə bilməz. Bu problemi yaradan, Azərbaycana, Cənubi Qafqaza gətirən Rusiyadır. MDB məkanında nə qədər milli-etnik münaqişə varsa, bunların hamısını yaradan Rusiyadır. Bunu artıq dünya da, Azərbaycan da, münaqişə edən tərəflərin özləri də bilirlər. Hətta konflikt edən tərəflərin əksəriyyəti hesab edir ki, Rusiya əlini bu problemlərdən, milli-etnik münaqişələrdən çəksə, bunlar çox asanlıqla həll olunar.
Digər tərəfdən, hörmətli həmkarlarımız tərəfindən fikir səsləndirildi ki, heç kim bundan siyasi məqsədlər üçün istifadə etməsin. Mən başa düşmürəm, Qarabağ iqtisadi məsələdir, iqtisadi məsələdən danışaq? Qarabağ siyasi məsələdir və Azərbaycanın hər bir vətəndaşını, hər bir millət vəkilini də ciddi şəkildə narahat edir. Hər birimiz də bu məsələnin həlli, Azərbaycanın ümummilli mövqeyinin formalaşması, vahid konsepsiyadan çıxış etməsi istiqamətində mövqeyimizi ifadə edirik. Bu məsələlərdə müxalifət, iqtidar yanaşmasından daha çox bir vətəndaş yanaşması var. Hər kəs də bunu ürək ağrısı ilə ona görə qeyd edir ki, bu problem onu ciddi şəkildə narahat edir. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisində konkret olaraq xarici işlər naziri hesabat verməlidir. Biz millət vəkili olaraq bilməliyik ki, bu danışıqlar hara gedir, bizdən nə istəyirlər, biz nə istəyirik? Bu hesabat əvvəl-axır Milli Məclisdə verilməlidir.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ.İsrafil. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, həmkarlar, dəyərli mətbuat nümayəndələri! Mən də bütün xalqımızı, Sumqayıtın seçicilərini Qurban bayramı münasibətilə təbrik edirəm. Ən ciddi sual doğuran məsələ ondan ibarətdir ki, sabah insanlarımız Qurban bayramını qeyd etmək üçün müəyyən büdcəyə malik olmalıdırlar. Təəssüflər olsun ki, bu gün mənim seçicilərim və eyni zamanda, Sumqayıtda olan bir çox insanlar Qurban bayramını hər hansı formada qeyd etmək imkanlarından məhrumdurlar. Bunun başlıca səbəblərindən biri burada əyləşən hörmətli həmkarımız Məcid Kərimovun rəhbərlik etdiyi “Azərikimya”şirkətidir. Mən bu məsələni özü buradadır deyə bir daha dilə gətirmək istəyirəm.
Bilirsiniz, müxtəlif millət vəkilləri müxtəlif strukturlarda, vəzifələrdə çalışırlar, minlərlə, on minlərlə insanlara rəhbərlik edirlər. Ancaq həmin sahələrdə müxtəlif nöqsanların adı çəkilir. Təbii, çəkilməlidir, iş olan yerdə nöqsan da olur. Biz burada bəlkə də hər çıxışımızda yolların bərbad olması ilə bağlı danışırıq, amma ölkədə bəlkə də görülən işlərdən ən birincisi yollarla əlaqəlidir. Hara gedirsən, müəyyən yol işləri görülür. Nöqsanlar da, təbii ki, olur. Amma bu şirkətdə 4 il ərzində nə iş görülüb, mən bilmirəm? Məsələ ondan ibarətdir ki, bu şirkətin rəhbəri, bizim deputat həmkarımız, vəzifəsi insanların hüquqlarını müdafiə etmək olan bir insan insanların haqlarını və hüquqlarını pozmaqla məşğuldur. 3 ay insanlara əmək haqqı verməyib və bu gün də deyir ki, mən həmin əmək haqlarını insanlara verməyəcəyəm.
Fevral, mart, aprel aylarında insanlar işə gəliblər, gecə-gündüz çalışıblar, müəssisəni qoruyublar, saxlayıblar, insanlar əmək haqqını tələb edirlər. Onlar işdən qovulur, məhkəmə qərarları verilir ki, insanlar işlərinə bərpa olunsunlar, onların alacaqları əmək haqları ödənilsin, şirkət rəhbəri məhkəmə qərarlarına məhəl qoymur. Bu nə vaxta qədər davam edəcək? Hökumətdə bu məsələni həll edəcək bir insan tapılacaqmı? Məhkəmənin qərarları gəlir, şirkət rəhbərliyi həmin qərarları kassasiya qaydasında Ali Məhkəmədə ləğv etdirir. Gəlin baxın, bu gün 5 xanım Milli Məclisin qarşısındadır. Övladları hərbi xidmətdədirlər, evlərində onlardan savayı işləyən yoxdur. Onlar 3 ayın əmək haqqını ala bilməyiblər və işdən qanunsuz qovulublar. Məhkəmə qərarları var, icra olunmur. Bəs millət vəkili qanunları pozursa, başqa məmurlardan biz nə gözləyirik? İnsanlara belə münasibət olarmı? Mən, Ziyafət müəllim, Milli Məclisin rəhbərliyindən bir daha xahiş edirəm, bu məsələlər araşdırılsın, xalqın qanuni hüquqları bərpa olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. İkram müəllim, mən Sizin çıxışınıza şərh vermək fikrində deyiləm. Amma ən azından bizim deputat həmkarımız Məcid müəllim də, Siz də bir şəhərdə yaşayırsınız və bir yerdə bu məsələni müzakirə edib həll etmək olardı, daha bu məsələni Milli Məclisə çıxarmağın nə yeri var? Sabir Rüstəmxanlı. Bununla da gündəliyə yekun vururuq.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, hörmətli sədarət! Mən də həmkarlarımın dedikləri bəzi fikirləri davam və inkişaf etdirmək istəyirəm. İlk növbədə bələdiyyə seçkiləri haqqında. Doğrudan da, ölkə daxilində demokratiyanın inkişafı bizim düşmənlərə ən tutarlı cavabımız olar. Bələdiyyə seçkiləri, ildən-ilə seçkilərin demokratikləşməsi ölkənin imici üçün çox vacibdir və bu da bizim beynəlxalq aləmdə danışıqlar, o cümlədən hətta Qarabağ məsələsinin həllində Azərbaycanın mövqelərinin möhkəm olmasına gətirib çıxarar. Təəssüf ki, bu bələdiyyə seçkilərində də bir sıra ciddi qanun pozuntularına yol verilib. İcra başçıları qabaqcadan deyirlər ki, guya siyahı hazırdır, partiyaların yeri də bölünüb. Adamları zorla məcbur edirlər ki, ərizə verib namizədliklərini geri götürsünlər, qohumlarını işdən çıxarmaqla hədələyirlər və bir sıra başqa işlər də var. İndi hamısını burada deməyə imkan yoxdur. Amma hələ ki, vaxt var, bu qüsurlar aradan qaldırılmalıdır, onsuz da bir çox rayonlarda kifayət qədər müxalifətçi namizədlərin qarşısı alınıb və onların qeydiyyatdan keçirilməsinə imkan verilməyib.
İkincisi, Qarabağ məsələsi ilə bağlı söhbətə qarışmaq istəyirəm. Çox təəssüflənirəm ki, burada heç nə deyilməyib. Bir neçə millət vəkili deyir ki, yaxşı olar, bu məsələ Milli Məclisdə də müzakirə olunsun. Bizim də xəbərimiz olsun, millətin də səsi çıxsın və bu, Prezidentin mövqeyini möhkəmləndirər. O dəqiqə digər deputatlar deyirlər: “Siz Prezidentin gördüyü işləri görmürsünüz? Siz niyə bu məsələnin müzakirəyə çıxarılmasını istəyirsiniz?” Bu nə deməkdir? Bu, şantaj yoludur. Mən millət vəkiliyəm, mən deyirəm ki, bu məsələ burada müzakirə olunsun. Mən deyirəm ki, tək Prezidentin səsi çıxmasın, millətin də səsi çıxsın.
Baxın, Türkiyə mətbuatında Qarabağ məsələsindən Azərbaycan mətbuatından daha çox danışılır. Biz bu yaxınlarda Bahar xanımla, həmkarım Fazil bəylə Avropada idik. Orada Türkiyə və Azərbaycan millət vəkillərinin və diaspor nümayəndələrinin görüşü oldu. Çox gözəl bir görüş idi. Biz görürük, Qarabağ məsələsi ilə bağlı Türkiyə deputatları bizdən daha çox məlumatlıdırlar, çünki onlarda bu məsələ daha çox müzakirə olunur, nəinki bizdə. Bu o demək deyil ki, biz Prezidentin işləmədiyini deyirik. Prezident kifayət qədər işləyir. Heç kim onun zəhmətini yerə vurmaq istəmir. Amma bizim mətbuatımız niyə susmalıdır? Niyə qaçqınların səsləri çıxmır? Niyə həmin torpaqdan köçürülənlərin səsləri çıxmır? Niyə televiziyalarımız lazımi materiallar vermirlər? Bakıya gələn qonaqlar bizə sual verirlər ki, torpaqlarınızın 20 faizi işğal olunub, biz də 10 gündür Bakıdayıq, sizin televiziyalarda bu barədə bir veriliş verilmir. İctimai televiziyada ingilis dilində adicə reklam gedir, bundan başqa bir şey görmürük. Filmlər verilmir, ciddi analitik verilişlər aparılmır, küçələrdə bir reklam yoxdur. Təkcə Prezidentimiz bu barədə danışır. Onda bu xalq haradadır? Onda bunun ictimai təşkilatları, qeyri-hökumət təşkilatları haradadır? Millət özü haradadır? 1 milyon qaçqın torpağını itiribsə, həmin qaçqınlar haradadırlar? Tək Prezidentin öhdəsinə qoymaq olmaz.
Bu gün məsələ ilə bağlı bizim istədiyimiz odur ki, iqtidar-müxalifət söhbətləri yığışdırılsın. Bu gün biz millət olaraq bir arada olmalıyıq. Görürsünüz ki, bütün dünya üstümüzə gəlir. Azərbaycana yardım etdiyinə görə Türkiyəni vururlar, Türkiyəni də meydandan çıxarmaq istəyirlər. Bütün təşkilatlar, böyük güclər və Minsk qrupu açıq-aşkar zorakılıq edir. Onda biz, heç olmasa, bir yerdə olmalıyıq. Bir yerdə olmağımıza da bəzi millət vəkilləri imkan vermirlər. Bu nə deməkdir? Məni bu maraqlandırır. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Müzakirələri bitirdik. Gündəliyin növbəti məsələsinə keçirik. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə. Əli Hüseynov.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, mən artıq ekranda çıxışa yazılanların sıyahısını görürəm, amma bu gün, əslində, həmin məsələnin müzakirəsi deyil. Bu məsələni biz müzakirə etmişik. Bizim Konstitusiyanın müddəalarına görə Konstitusiya qanununa etdiyimiz dəyişiklik 6 ay keçdikdən sonra ikinci dəfə təkrar səsverməyə qoyulur.
Məsələnin mahiyyəti aydındır. Bir daha millət vəkillərinə xatırlada bilərəm. 4.2 və 4.3-cü maddələr yeni redaksiyada verilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. “4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur”. O zaman məsələ müzakirə olundu, əsaslandırıldı, səsə qoyuldu və qəbul olundu. Bu gün Konstitusiyaya, prosedur qaydasına uyğun olaraq ikinci dəfə səsverməni həyata keçiririk. Millət vəkillərindən bu layihəyə səs verməyi və səsvermədə diqqətli olmağı xahiş edirəm, çünk burada konstitusion səsverməyə ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim artıq izah etdi. Biz bu qanun layihəsini müzakirə etmişik. İndi müzakirə açmayacağıq. Konstitusiya qanunu olduğuna görə 95 səslə keçməlidir. Xahiş edirəm, səsvermədə diqqətli olun. Millət vəkillərini dəvət edin. Xahiş edirəm, Konstitusiya qanununa dəyişiklik haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 104
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İclası fasiləsiz keçirək? Bayramqabağıdır, təklif var, iclası fasiləsiz keçirək. Növbəti məsələ “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin təsdiq edilməsi barədədir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz hamımız həm millət vəkilləri, həm də bütün Azərbaycan xalqı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin imzalanmasının şahidi olmuşduq. Bundan sonra müzakirəyə təqdim olunacaq sənədlər tarixi sənədlərdir. Bu sənədlərin qiyməti, əhəmiyyəti türkdilli millətlərin birliyi istiqamətində görülən işlərlə birbaşa bağlıdır və bu, Azərbaycanı türkdilli millətlərin liderinə çevirən bir saziş kimi qiymətləndirilməlidir. Biz komitədə hər iki sənədə baxdıq. Həm şuranın yaradılması, həm də bəyannaməsinin qəbul olunması ilə bağlı sənədləri bənd-bənd, sözbəsöz müzakirə edərək bir daha vurğuladıq ki, Naxçıvan sazişi Azərbaycanın nəinki bütün maraqlarına uyğundur, Azərbaycanı türkdilli millətlər içərisində önə çəkən və dünyada Azərbaycanın rolunu ən yüksək səviyyədə təmsil edən sənəddir. Ona görə biz komitəmizin adından millət vəkillərini bu müqəddəs günlərdə belə tarixi sazişə səs verməyə çağırırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu sazişi müzakirə etməyə 9 nəfər yazılıb. Bu sazişi müzakirə etməyə ehtiyac varmı? Yazılanlardan təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Pənah Hüseyn, xeyir ola, belə əl çalırsan? Bu sazişdir, sən münasibət bildirə bilərsən. İmzalanmış sazişdir. Az-az hallarda sən nəyi isə alqışlayırsan, bu müsbət bir haldır.
Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, cənab Sədr. Biz çox vacib bir sazişi təsdiq etdik. Bəyannamə də eyni şəkildə tarixi bir sənəddir. Bu gün bəyannamə bizim parlamentdə təsdiq olunmaqla, doğrudan da, tarixi bir sənədə çevriləcək. Xüsusilə qeyd etmək istəyirəm ki, birinci təsdiq etdiyimiz saziş də, bəyannamə də − hər ikisi Naxçıvan şəhərində imzalanmışdır. Bu yalnız türkdilli millətlərin, dövlətlərin, ölkələrin birgə siyasətinin əksi deyil. Bu sənədlərin Naxçıvan şəhərində imzalanması gələcəkdə Azərbaycan tarixi üçün xüsusi özəl əhəmiyyət daşıyan bir hadisə kimi qiymətləndirilməlidir. Bu gün Milli Məclisdə hər iki sənədə səs verməklə biz işğal olunmuş torpaqlarımızı, Azərbaycanın və türkdilli dövlətlərin dünyada mövqeyini yüksək səviyyədə müdafiə etmiş oluruq. Xahiş edirəm, millət vəkilləri bu bəyannaməyə də səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səs verək.
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədədir. Buyurun, Səməd müəllim.
S.Seyidov. Çox sağ olun. Azərbaycanın dövlət başçısı hörmətli İlham müəllim bütün ölkələrlə əlaqələrin genişləndirilməsi və qurulması istiqamətində çox məntiqli və düzgün bir siyasət aparır. Bu ölkələr içərisində Avropa Birliyinə daxil olan ölkələr xüsusi əhəmiyyət daşıyır. Ancaq Avropa Birliyinə daxil olan ölkələr içərisində Rumıniya ilə son sazişlərin xüsusi yeri var. Biz bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Rumıniya səfərinin nə dərəcədə yüksək səviyyədə keçirilməsinin şahidi olduq. Hazırda Avropa strukturlarında, Avropadan kənar başqa strukturlarda Azərbaycan-Rumıniya münasibətləri nümunəvi bir xarakter daşıyır. Mən hesab edirəm ki, sentyabrın 28-də Buxarestdə imzalanmış bu bəyannamə həmin münasibətlərin inkişafı və təsdiqi deməkdir.
Biz komitədə bu məsələyə çox ciddi baxmışıq və hesab edirik ki, belə bir bəyannamə yalnız Azərbaycan−Rumıniya münasibətlərinə müsbət xeyir gətirmir, təkcə Azərbaycan−Rumıniya münasibətlərinin inkişafını deyil, ümumiyyətlə, Azərbaycanın Avropa Birliyi, Qərb istiqamətində siyasətini və dünyadakı mövqeyini möhkəmləndirən bir sənəd kimi qiymətləndirilməlidir. Biz bu bəyannaməyə müsbət səs versək, həmin amilləri yüksək səviyyədə təmin edəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin müzakirənizə çıxarılan bu qanun layihəsi də bundan əvvəl qəbul etdiyimiz bəyannamənin ruhuna tamamilə uyğundur. Bizim bir çox dövlətlərlə transsərhəd mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə ilə əlaqədar müqavilələrimiz, sazişlərimiz var. Xüsusilə Rumıniya və Azərbaycan arasında münasibətlərin, strateji tərəfdaşlığın əhəmiyyətini nəzərə alaraq hesab edirəm ki, biz bu sazişi qəbul etməliyik. Saziş sizdə var, sizə paylanıb. Hesab edirəm ki, Azərbaycanın milli və dövlət mənafelərinə uyğundur. Ona görə xahiş edirəm, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyafət Əsgərov, buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi də bizim üçün vacib olan bir sənəddir. Azərbaycanda fövqəladə halların aradan qaldırılması ilə əlaqədar artıq bizim xeyl təcrübəmiz var. Bununla əlaqədar biz beynəlxalq təşkilatlarla, eyni zamanda, digər dövlətlərlə təcrübə mübadiləsi aparırıq. Bu sazişdə göstərilən əməkdaşlığın müxtəlif formaları, istiqamətləri imkan verir ki, biz bu sahədə fəaliyyətimizi daha da genişləndirək və fövqəladə halların aradan qaldırılması, istər texnikanın alınması, istərsə də digər sahələrdə əməkdaşlığın aparılması üçün bu saziş olduqca vacibdir. Bu sazişə də müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya 2005-ci ildə Parisdə tərtib olunmuşdur. Konvensiyada nəzərdə tutulur ki, indiki qloballaşma dövründə müxtəlif milli, etnik mədəniyyətlər qorunsun. Azərbaycan Respublikası bu konvensiyaya xüsusi bir bəyanatla qoşulur. Bu da ondan ibarətdir ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ona bitişik yeddi rayonda Azərbaycan bu konvensiyanın göstərişlərini həyata keçirmək iqtidarında deyil. Ona görə də həmin regionda milli, mədəni müxtəlifliyin qorunması ilə bağlı vəziyyət üçün məsuliyyət daşımır. Bu konvensiyaya biz qoşulmalıyıq, çünki YUNESKO-nun kontekstində qəbul olunmuş xüsusi bir hadisədir və dövrümüzün reallığı, gerçəkliyini əks etdirir.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həm bu, həm də bundan sonrakı məsələyə eyni xarakterli təkliflərim olduğuna görə, təkrar olmasın deyə, çıxışımda hər iki məsələni əhatə etməyə çalışacağam. Azərbaycan tərəfinin verdiyi bəyanat çox zəif və təshih olunmamış bir bəyanatdır. Birinci, bəyanatda barışdırma proseduru ilə bağlı münasibət göstərilir. Hesab edirəm ki, burada işğalçı Ermənistanla münasibətdə Azərbaycan Respublikasının bu proseduru tanımadığı göstərilməlidir. Sabah Gürcüstanla, Rusiya və başqaları ilə münasibətdə hər hansı bir problem çıxmaması üçün Ermənistan məsələsi xüsusi vurğulanmalıdır və “işğalçı” sözü qeyd olunmalıdır.
İkinci, bəyanatda göstərilir: “...işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu)”. “Dağlıq Qarabağ regionu” inzibati ərazi bölgüsünü əks etdirmir, hüquqi ifadə deyil. Bu, hüquqi ifadə deyilsə və Azərbaycan Respublikası da Dağlıq Qarabağın muxtariyyətini ləğv edibsə, bu muxtariyyəti tanımırsa, burada Dağlıq Qarabağ da daxil olmaqla rayonların hamısının tam siyahısını göstərməklə bəyanat vermək lazımdır. Bu, hüquqi ifadə olardı. Dağlıq Qarabağı ayrıca region kimi tanıtmağımız, məncə, yersizdir.
Üçüncü, hər iki sənəddə deyilir ki, Azərbaycan torpaqları qaytarılana qədər Azərbaycan Respublikası konvensiyanın müddəalarının həyata keçirilməsinə təminat vermək iqtidarında deyil. Mən bilmirəm, bunun ingiliscə tərcüməsi necə gedibdir? “Təminat vermir” sözləri dövlətin acizliyinin göstərilməsi kimi anlaşıla bilər. Ona görə də “iqtidarında deyil” əvəzinə “təminat vermir” yazılsa, daha doğru olar.
Nəhayət, dördüncü, bu məsələdə biz çox ciddi yanlışlığa yol verə bilərik. Siz təsəvvür edin ki, burada söhbət ancaq Azərbaycanın işğal olunmuş ərazisindən gedir. 1988-ci ildən başlayaraq, əvvəlki tarixə qayıtmıram, Ermənistandan 200 mindən artıq soydaşımız qovulubdur. Onların yaşadıqları ərazidə qoyduqları tarixi, mədəni irslər, Avropanın memarlıq irsi sayıla biləcək abidələr və məscidlər... Elə tarixi abidələr var ki, onlar yaddan çıxarıla bilməz. Ona görə də hesab edirəm, bəyanatda xüsusilə vurğulanmalıdır ki, təkcə Qarabağ məsələsi yox, 1988-ci ildən başlayaraq... Bu həm də təbliğat mahiyyəti daşıyır, bəyanatı bütün ölkələr alırlar, oxuyurlar, baxırlar ki, Azərbaycan təkcə Qarabağla bağlı iddiaya sahib deyil, Azərbaycan həm də Ermənistandan qovulmuş 200 mindən artıq azərbaycanlının qoyub gəldiyi irslə bağlı iddiaya sahibdir. Bu baxımdan bəyanatda qeyd olunmalıdır ki, Ermənistanın ərazisindən zorla çıxarılan, qaçqın vəziyyətinə salınan azərbaycanlılar Ermənistanın ərazisinə qaytarıldıqdan sonra Azərbaycan bu kimi məsələlərə təminat verə bilər. Bu, təbliğat nöqteyi-nəzərindən ciddi məsələdir. Məsələni Qarabağla məhdudlaşdırmaq bizim dövlət siyasətimizə uyğun deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən hörmətli həmkarım Fazil müəllimin iradlarından birinə qısaca şərh vermək istəyirdim. Məsələ burasındadır ki, indiyə qədər qoşulduğumuz beynəlxalq konvensiyalarla bağlı bu cür oxşar bəyanatlar verilib. Bu oxşar bəyanatların mətnləri də təxminən oxşardır. Başqa məsələlərlə bağlı, yəqin ki, Nizami müəllim öz fikirlərini bildirəcək. Əslində, bunlar hamısı düşünülmüş bəyanatlardır və hər birinin mənası var. Misal üçün, nə üçün bütün konvensiyalarda Azərbaycan bəyan edir ki, işğal olunmuş ərazilərdə nəyisə etmək iqtidarında deyil. Əgər “təminat vermir” kimi qeyd olunsa. Belə çıxır ki, Azərbaycan bunu edə bilər, amma etmir. “İqtidarında deyil” sözləri çox böyük siyasi əhəmiyyət daşıyır. Biz bu cür konvensiyaları imzalayarkən beynəlxalq ictimaiyyətə məhz işğal faktını bir daha siyasi element kimi diqqətə çatdırırıq və vurğulayırıq ki, işğal faktına görə də Azərbaycan dövləti bunları etmək iqtidarında deyil. Bu terminlər düşünülmüş olduğuna və məhz siyasi baxımdan əhəmiyyət daşıdığına görə belə yazılıb. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən Fazil müəllimin dediyi məsələlərə aydınlıq gətirmək istəyirəm. Fazil müəllim, Siz, əslində, məsələni tamamilə düz qoyursunuz, yəni doğrudan da, Ermənistanın ərazisində çoxlu Azərbaycan abidələri dağıdılıb və oradan 200 mindən çox soydaşımız qaçqın vəziyyətində gəlibdir. Amma bu, konvensiyanın predmetinə daxil olan məsələ deyil. Ermənistan ərazisində olan abidələrin qorunmasına Azərbaycan necə təminat verə bilər? Ora bizim ərazi deyil axı. Amma Dağlıq Qarabağ bizim ərazimizdir. Siz düz deyirsiniz, Azərbaycanda “Dağlıq Qarabağ” adlı iqtisadi region yoxdur, amma BMT-nin və Avropa Şurasının qəbul etdiyi sənədlərdə artıq “Dağlıq Qarabağ” siyasi termin kimi işlədilir. Beynəlxalq ictimaiyyətin daha asan başa düşməsi üçün buraya salınıb. Yəni beynəlxalq sənədlərdə belə bir termin var, bu baxımdan yazılıb. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Nizami müəllim, əlavəniz var?
N.Cəfərov. Əslində, deyilənlər hamısı doğrudur. Fazil müəllimin dediyində də müəyyən məqamlar var. Amma söhbət konvensiyanın 25-ci maddəsinin 3-cü bəndi ilə əlaqədar məsələdən gedir, burada “maraqlı tərəflər” anlayışı var. Dünyanın regionlarında bir-birinin yanında müxtəlif millətlərə, etnoslara məxsus müxtəlif abidələr ola bilər və belə hallarda maraqlı tərəflər ortaya çıxır. Biz həmin ərazidə maraqlı tərəf tanımırıq. Belə bir maraqlı tərəf yoxdur ki, biz onunla lazımi mübahisələr eləyək, həmin abidələrin alban, erməni və ya türk abidəsi olduğunu aydınlaşdıraq. Bu müzakirələri aparmaq iqtidarında da deyilik. Bu məsələ də nəzərə alınmalıdır. Xahiş edirəm, layihəni səsə qoyaq.
Sədrlik edən. Çox sağ olun. Mübariz müəllim.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən çox xahiş edirəm, həm Milli Məclisin, həm də Xarici İşlər Nazirliyinin ekspertləri gələcəkdə bu cür konvensiyalara münasibət bildirərək bəyanat verəndə rayonları sadalamaqla bərabər, ərazinin nə qədər olmasını mütləq göstərsinlər. Xarici ekspert nə bilir Ağdamın, Füzulinin ərazisi nə qədərdir? Düzdür, mütəxəssis araşdıraraq, bir qədər baxar. Amma ərazini kvadratmetrlə, kilometrlə mütləq göstərmək lazımdır. Torpaqlarımızın 17 min kvadratkilometri işğal altındadır. Konkret ərazini göstərəndə mötərizədə kvadrat kilometrlə yazılsa, daha məntiqli olar. Təşəkkür edirəm.
Sədrlik edən. Səməd Seyidov.
S.Seyidov. Cənab Sədr, biz də komitədə bu sazişlərə baxdıq. Çox hörmətli Əli müəllim və Ziyafət müəllim məsələyə aydınlıq gətirdilər. Doğrudan da, qəbul edəcəyimiz sənəd Azərbaycan ərazisinə aiddir. Ermənistan bu cür sazişi qəbul etməyəcəksə, ona mənfi münasibət bəslənəcək. Qəbul edəcəksə, həmin konvensiyanın maddələrinə əməl etməlidir. Biz gələcəkdə Ermənistanla bağlı qəbul olunmuş həmin konvensiyanın maddələrinin yerinə yetirilmədiyi haqqında məsələ qaldıra bilərik. Bu məsələ öz-özlüyündə sazişdə ehtiva olunur. Bu birinci məsələ.
İkinci məsələni diqqətinizə çatdırmaq istəyirəm. Hər bir beynəlxalq saziş təhlil olunanda onun əsas, ilkin variantı, yəni ingilis və yaxud fransız dilində, iki dildə tərtib olunmuş variantı götürülür. İngilis dilində tərtib olunmuş variantda bəzi məsələlər, Fazil müəllimin çıxışında qaldırılan məsələlər yoxdur. Ancaq Əli müəllim tamamilə düz deyir, biz Azərbaycan olaraq işğal olunan rayonlarda həmin məsələlərə müdaxilə etmək iqtidarında deyilik. Bunun da çox vacib siyasi və hüquqi nəticələri var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 98
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Avropanın memarlıq irsinin qorunmasına dair” Konvensiyanın təsdiq edilməsi barədə. Nizami Cəfərov.
N.Cəfərov. Çox sağ olun. Bu konvensiya da, əslində, əvvəlki konvensiya ilə eyni tipdədir. Amma maraqlıdır ki, bu daha əvvələ aiddir. Konvensiya 1985-ci ildə Qranada şəhərində hazırlanıb. Eyni məsələlərdir. Sadəcə, Azərbaycan Respublikasının bəyanatında Ermənistan dəfələrlə işğalçı kimi göstərilib. Bəyanatın sonunda hətta belə bir cümlə var ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək bütün məsuliyyət işğalçı Ermənistan Respublikasının üzərinə düşür. Azərbaycan həm də Avropa ölkəsidir. Azərbaycanda Avropa tipli mədəniyyət abidələri çoxdur və biz bu konvensiyaya qoşulmalıyıq.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Biz, əlbəttə, bəyanatda göstərildiyi kimi, işğal olunmuş ərazilərdəki memarlıq abidələrimizin qorunmasına, təəssüf ki, təminat vermək iqtidarında deyilik, bu çox acı bir reallıqdır və aradan qaldırılmalıdır. Həmin abidələrin içərisində Şuşa məscidi kimi, həqiqətən, çox tarixi əhəmiyyətə malik memarlıq abidəsi var. Amma biz Azərbaycanın işğal olunmayan ərazilərində bunlara təminat veririkmi? Bu konvensiyanın qəbul edilməsi həmin məsələdə müsbətə doğru irəliləyişə gətirib çıxaracaqmı? Bu da çox böyük bir sual altındadır.
Mən cari məsələlər barədə çıxış edərkən də bildirmişdim ki, Bakı şəhərində, bilirsiniz ki, ümumdünya əhəmiyyətli memarlıq abidəsi vardır. Bu, İçərişəhər qoruq muzeyidir. İçərişəhər həm də Avropanın irsidir, ümumbəşəri bir irsdir. Bunun qorunması bizim dövlətin hakimiyyət orqanlarının problemə konkret, əyani şəkildə münasibətini əks etdirir. İçərişəhərdəki memarlıq abidələri YUNESKO tərəfindən qorunan abidələr siyahısındadır. Nəyə görə mən bu məsələni diqqətə çatdırıram? Qız qalasının yanında, Neftçilər prospekti 95-97 ünvandakı bina məhz YUNESKO tərəfindən qorunan abidələrin siyahısındadır. Artıq heç kimə baxmadan, jurnalistlər döyülərək, hətta evin sakinlərinin Qız qalasının üzərinə çıxıb intihar həddinə çatdırılmasına baxmayaraq, iki gündür ki, bina sökülür.
Mən hələ iki il bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısına bu barədə məlumat göndərmişdim və aldığım cavab da buradadır. Bu təzə məsələ deyil, həmin ev qəza vəziyyətində olsaydı, çoxdan uçmalıydı. Nə qədər ki bizim yüksək vəzifəli şəxslər, məmurlar, dövlətdə hökm, fərman vermək iqtidarında olan şəxslər həmin abidələri qorumaq məsələsinə bu cür baxacaqlar, tarixi abidəni söküb, yerində mehmanxana tikmək xətti götürəcəklər, belə bəyanatların Milli Məclisdə qəbul edilməsinin, hesab edirəm, heç bir əhəmiyyəti olmayacaqdır.
Mən son dövrdəki çıxışlarımda tez-tez dövlət başçısı İlham Əliyevə müraciət edirəm. Bu məsələdə də yenə İlham Əliyevin ünvanına deyirəm ki, dövlət başçısı şəxsən bu məsələyə gərək qol qoysun. Çünki həmin binanın sökülməsi məmurlar tərəfindən “dövlət başçısının sərəncamı ilə edilir” kimi izah olunur. Mən bir daha təkrar edirəm, hələ mülkiyyət hüququnun pozulmasını bir tərəfə qoyuram, Azərbaycanda bu söküntü işləri, İçərişəhərdəki barbarlıq işləri ümumdünya, ümumbəşəri irsə, mədəniyyətə və əlbəttə, bizim milli sərvətlərimizə olan böyük bir qəsddir. Mən xahiş, tələb edirəm ki, əlaqədar orqanlar, konkret olaraq dövlət başçısı bu qəsdlərin qarşısının alınması üçün təsirli tədbirlər görsün və məsələyə son qoysun.
Sədrlik edən. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, mən də, şübhəsiz, Azərbaycan dövlətinin bu konvensiyaya qoşulması məsələsini alqışlayıram, təqdir edirəm. Mədəniyyət komitəsində bundan əvvəlki konvensiyanı da, bu sənədi də müzakirə etdik və fikirlərimizi bildirdik. Mən, sadəcə, bir məsələyə münasibət bildirmək istəyirəm. Hörmətli həmkarımız Səməd müəllimin dediklərindən belə başa düşdüm ki, Ermənistan hələ bu konvensiyaya qoşulmayıb. Belə çıxır ki, bu konvensiyadan irəli gələn öhdəlikləri Ermənistan dövləti hələ öz üzərinə götürməyib. Şübhəsiz, kağız üzərində hər şey gözəldir, idealdır. Amma biz bu konvensiyaya qoşulduqdan sonra bizim qazancımız nədən ibarət olacaq? Bizim torpaqlarımızın 20 faizindən artıq bir hissəsi işğal altındadır. Orada Azərbaycan xalqına, dövlətinə aid memarlıq irsinin bütün nümunələri, abidələrimiz barbarcasına, vəhşicəsinə məhv edilir, yerlə-yeksan olunur.
Şuşa şəhərinin adı çəkildi. Bu gün əcnəbi jurnalistlər, media nümayəndələri Şuşadan və işğal altında olan digər şəhərlərimizdən, rayonlarımızdan şəkillər çəkib yayırlar . Həmin şəkillərə baxanda adamın ürəyi ağrıyır ki, Şuşa şəhəri məhv olmaq üzrədir. Mən çox hörmət etdiyim bir yazarın fikirlərini xatırlatmaq istəyirəm. Bir yazıda rast gəlmişdim, yazır: günün birində biz Qarabağa qayıda bilərik və şübhəsiz, biz Qarabağa qayıdacağıq, amma o zaman gedib görərik ki, Şuşa yoxdur, çünki ermənilərin bu cür barbarcasına münasibətinin nəticəsində Şuşanı qoyub gəldiyimiz kimi görməyə bilərik.
Mən düşünürəm ki, biz həmin konvensiyanı bu gün qəbul etməklə bütün məsələləri bir daha aktuallaşdırmaq, gündəmə gətirmək imkanı qazanırıq. Çox istərdik ki, Milli Məclis, qeyri-hökumət təşkilatları, ayrı-ayrı dövlət strukturları, media strukturları səviyyəsində bu məsələləri bir daha müzakirəyə çıxaraq, aktuallaşdıraq. Çünki təcavüzkar ölkənin prezidenti bu yaxınlarda bütün dünya ermənilərinə çağırış elədi, Şuşa şəhərində quruculuq işləri ilə bağlı onlardan yardım istədi. Mən düşünürəm ki, elə Sarkisyanın çağırışına da ciddi cavab ola bilən münasibət göstərə, bu məsələ ilə bağlı çox geniş müzakirələr aça və bütün dünyanın diqqətini bir daha işğal altında olan torpaqlarımıza və orada baş verənlərə yönəldə bilərik. Çox sağ olun.
Sədrlik edən. Aynur xanım, bu konvensiyanın əhatə etdiyi bir məsələni deyim. Artıq beş ildir ki, transmilli sərhəd, su hövzələrinin təmizlənməsi barədə konvensiya vardır. Ermənistan bu konvensiyaya qoşulmayıb və qoşulmadığı üçün son illər ərzində həmin istiqamətdə ayrılan bütün yardımlardan, qrantlardan kənarda qalıb. Əgər onlar bu konvensiyaya qoşulmasalar, mədəni irsə aid bütün yardımlardan kənarda qalacaqlar. Sözün kökü bundadır. Ona görə hesab edirəm ki, biz bu konvensiyanı mütləq qəbul və təsdiq eləməliyik. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu konvensiyanın qəbul olunmasına tərəfdaram. Buna səs verəcəyəm. Həmkarlarımın qeyd etdikləri kimi, bu çox vacib məsələdir. Qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı təqdimatlar, fikirlər bildirildi. Mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm.
Bu gün, doğrudan da, Azərbaycanda tarixi, o cümlədən memarlıq abidələri qorunur, mühafizə olunur, bərpa edilərək yenidən insanların istifadəsinə verilir. Muzeylərimiz, teatrlarımız, mədəniyyət obyektlərimiz yenidən, arxitekturaya uyğun şəkildə təmir olunur. Bu gün İçərişəhərin dövlət qoruğu elan olunması, oranın xüsusi idarəsinin yaradılmasını və sair məsələləri də nümunə kimi göstərmək olar. Bilirsiniz, hər kəs bir söz deyir, biri qəzetdə yazır. Bunun ekspertizası, arxitektoru, bu məsələ ilə bağlı cavabdehlik daşıyan ayrı-ayrı strukturlar var.
Mən misal gətirəcəyəm. Xalça muzeyinin arxasında bina var, bu binanın birinci mərtəbəsində Liberal Demokrat Partiyasının ofisi yerləşirdi. Dedilər ki, bina uçur, binadan çıxmaq lazımdır. Həmin partiyanın nümayəndəsi mətbuat nümayəndələrini yığıb mətbuat konfransı keçirdi ki, iqtidar partiyası bu qərargahı əlimizdən almaqdan ötrü belə bir addım atır və belə bir plan cızıb. Nə qədər yalvardılar, yaxardılar ki, çıx binadan, çıxmadı. Sonra girdi sənədləri götürməyə, bina uçdu və rəhmətə getdi. Belə bir hal baş verdi. Bəyəm dövlət öz vətəndaşının qayğısına qalmamalıdır? Dövlət görür, bu binada qəzalı vəziyyət var və vətəndaşa deyir ki, vətəndaş, burada yaşamaq olmaz, mümkün deyil. Onun yanındakı bina − Hacınskinin evi, deyirdilər, təxminən 3−5 il bərpa olundu, orada neçə illər yaşayış olmadı. Burada guya kimin nə marağı var? Onsuz da vətəndaşın hüququ qorunur. Söhbət bəzi vətəndaşların həddindən artıq vəsait istəməsindən gedir. Bu da qarşılıqlı razılıq əsasında, qanunla qəbul etdiyimiz kimi, bazar qiymətlərinə uyğun tənzimlənəcək. Biri gəlib deyəcək ki, yüz milyon mənə pul ver? Dövlət, yaxud Bakı Şəhər İcra Hakimiyyəti, ayrı-ayrı strukturlar yüz milyon manatı verə bilməz. Hər bir məsələni parlament səviyyəsinə qaldırıb müzakirə edirik. Bəlkə ekspertlər müəyyən ediblər ki, bir saatdan sonra bina yatacaq, ondan sonra kim cavabdehlik daşıyacaq? Ona görə də hər şeyi mütəxəssislərin ixtiyarına buraxmaq daha məqsədəuyğun olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də “Avropanın memarlıq irsinin qorunmasına dair” Konvensiyanın lehinə səs verəcəyəm. Burada bizə Azərbaycan Respublikasının xəritəsi də ingilis dilində təqdim olunur. Mən hesab edirəm ki, burada Dağlıq Qarabağ və yaxud ona bitişik rayonların göstərilməsi... Bu xəritədə Dağlıq Qarabağ sözündən heç bir işarə yoxdur, yəni rayonlar olduğu kimi göstərilib.
Burada Şuşa şəhəri haqqında danışıldı. Şuşa şəhəri nisbətən yaxın tarixə dəlalət eləyir, amma orada daha unikal memarlıq abidələri işğal altında qalıb. Məsələn, dünyada analoqu olmayan Xudafərin körpüləri. İki körpünün birincisi eramızdan 300 il əvvəl, III əsrdə inşa olunub, ikincisi isə IV əsrə təsadüf eləyir.
Burada söhbət getdi ki, hüquqi sənədlərdə və beynəlxalq aləmdə “Dağlıq Qarabağ” kimi qeyd edilir. Əslində, orada heç “Dağlıq Qarabağ” sözü yoxdur, “Naqornıy Karabax” var, bu da, bilirsiniz ki, rus dilindən ingilis dilinə transkripsiya olunmuş sözdür. Görünür, gələcəkdə buna da münasibət bildirməli olacağıq.
Bir də, burada qeyd olundu, həqiqətən də, bu yaxınlarda “NKR”-in baş naziri Kaliforniya ştatına gedib. Amerika Birləşmiş Ştatlarının erməniləri “Arsaxa yardım” kimi bir tədbir keçiriblər, məqsəd onların pulla təmin olunmaları idi. Diqqətinizə görə sağ olun. Mən də konvensiyanın lehinə səs verəcəyəm. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sualınız var idi?
İ.Ağazadə. Oqtay müəllim, sabah bayramdır, millət vəkillərinin də çoxu rayonlara gedir. Biz gündəlikdə duran məsələlərin yarısına baxmışıq, fasiləyə qədər işləyək, qalan məsələlərə də ayın 4-də baxaq.
Sədrlik edən. Fasiləyə qədər işləmək üçün Siz çayxanada olanda biz qərar qəbul etdik. Mən hesab edirəm ki, konvensiyanı qədərincə müzakirə etdik. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəlikdəki 15 və 16-cı məsələlər bir səsvermə ilə qəbul ediləcək. Tahir müəllim hər iki məsələ haqqında məlumat versin, sonra müzakirələrə başlayaq. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda və “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, Tahir Rzayev.
T.Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan qanunlara dəyişikliklər bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, yeni yaşayış məntəqələrinin yaradılması, bələdiyyələrin birləşərək yeni bələdiyyələrin yaradılması ilə əlaqədardır. Təqdim olunmuş qanun layihəsinə əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilir və siyahının 26-cı sırasında verilmiş “Hacıqabul rayonu” bölməsinin 26.1-ci sırasında “Abdulyan” sözü “Abdulabad” sözü ilə əvəz edilir.
İkinci dəyişiklik “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun I hissəsinin 18-ci bəndinin 1-ci yarımbəndində edilir və hər üç halda “Abdulyan” sözü “Abdulabad” sözü ilə əvəz edilir.
Müzakirəyə çıxarılmış digər qanun layihəsinə əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilir. Həmin siyahının 30-cu sırasında verilmiş “İsmayıllı rayonu” bölməsinin 30.16-cı sırasında “Çayqovuşan” sözündən sonra “Çəmənli, Elabad” sözləri əlavə edilir. Hər iki qanun layihəsi komitədə müzakirə olunmuş və Milli Məclisə təqdim edilmişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Dövlət qulluğu haqqında “ Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə texniki düzəliş təklif olunur. 25.2-ci maddə dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müəyyən tələbləri pozduqda onun barəsində intizam, tənbeh tədbirlərinin tətbiq edilməsini əsaslandırır. Bu əsaslara bir yenisi də əlavə olunur. Bu isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş əsasdır. Amma xüsusi qeyd etmək istəyirəm ki, dövlət qulluqçusu hər hansı bir səhlənkarlıq və yaxud süründürməçilik etdikdə, həmin hüquqpozmalar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, 25.2-ci maddədə nəzərdə tutulan əsaslar üzrə tənbeh olunur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişikliklər barədə danışmaq üçün Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarım, məsələ burasındadır ki, psixotrop maddələrin və prekursorların siyahısı qanunla təsdiq olunur. Biz də bunu belə etmişik, çünki əhəmiyyət dərəcəsinə görə bu siyahı qanun səviyyəli idi. Həmin maddələrin adları isə, təbii ki, mütəxəssislər, ekspertlər tərəfindən təqdim olunmuşdu. Amma indi müəyyən qrammatik düzəlişlər edilməlidir. Həmin adların dəqiqləşdirilməsi vacibdir. Ona görə düşünürəm ki, bizim vəzifəmiz ancaq bunu bir daha təsdiq etməkdir.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 19-cu məsələ “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “İmmiqrasiya haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqındadır. Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu dəyişikliklərin bir hissəsi texniki dəyişikliklərdir. Adı çəkilən qanunların tətbiqi ilə bağlı məsələlərdir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət mühafizəsi haqqında bilirik ki, qanun mövcuddur. Eyni zamanda, bu da məlumdur ki, miqrasiya məsələlərini tənzimləməkdən ötrü xüsusi bir dövlət qurumu, miqrasiya xidməti yaradılmışdır. Dövlət tərəfindən müdafiə olunan şəxslər siyahısına miqrasiya sahəsində idarəetməni həyata keçirən şəxslər də daxil edilir. Prokurorlar, müstəntiqlər, əməliyyat işçiləri bu siyahıya əlavə olunurlar. Yəni bu xidmətin yaradılması ilə bağlı bir məsələdir. Bu cür demək mümkündürsə, həmin əlavə və dəyişikliklər qanunvericiliyin dəqiqləşdirilməsi ilə bağlıdır.
Amma İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərin üzərində dayanmaq istərdim. Bilirik ki, İnzibati Xətalar Məcəlləsində əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşamaları və qanunsuz qalmalarına görə inzibati məsuliyyət mövcuddur. Həmin məsuliyyətin yeni bir növü nəzərdə tutulacaq. Əcnəbi cərimə olunmaqla və yaxud olunmamaqla Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin “İnzibati qaydada tutma müddətləri” adlı maddəsinə də yeni bir əlavə olunur. Bilirik ki, müvafiq icra hakimiyyəti orqanlarının, yəni polis və digər orqanların belə səlahiyyətləri var. Misal üçün, sərhəd xidmətinin inzibati qaydada 24 saat ərzində saxlama hüququ vardır. Bundan sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma qaydalarını pozmalarına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tutulmasına icazə verilir. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə belə hallardan məhkəməyə şikayət verilə bilər. Yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını təmin edən digər bir maddə də mövcuddur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, bugünkü gündəliyin sonuncu məsələsi − 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə danışmaq üçün Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. Sonuncu müzakirə olunacaq məsələ, həqiqətən, çox əhəmiyyətlidir, çünki Konstitusiyaya etdiyimiz əlavə və dəyişikliklərdən irəli gəlir. Birinci, qeyd edim ki, qarşımızda hələ çoxlu sayda məsələlər durur. Konstitusiyamızdan irəli gələn bir sıra Konstitusiya qanunlarının, digər qanunların qəbul olunması zəruridir. Amma artıq çox müsbət haldır ki, bu proses başlayıb.
Bilirsiniz ki, uşaq hüquqları ilə bağlı qəbul olunmuş referendum aktında bir sıra məsələlərin Əmək Məcəlləsində, Ailə Məcəlləsində, digər qanunlarda öz əksini tapması zəruridir. Təklif olunur ki, əmək qanunvericiliyinin pozulması, yəni konkret olaraq işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi, uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə çox ciddi məsuliyyət növləri tətbiq edilsin. Layihə sizə paylanıb və görürsünüz, vəzifəli şəxslər üçün 4 min manatadək, hüquqi şəxslər üçün hətta 10 mindən 13 min manat məbləğinədək cərimə sanksiyaları nəzərdə tutulur.
Eyni zamanda, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən irəli gələrək “Uşaq hüquqları haqqında” Qanuna yeni müddəalar nəzərdə tutulur. Əmək Məcəlləsinə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bütövlükdə qeyd etmək istəyirəm, çox mütərəqqi haldır ki, Konstitusiyaya uyğun olaraq bu qanunlarımıza da uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi barədə xüsusi bir müddəa əlavə olunur. Bu, “Uşaq hüquqları haqqında” Qanunda qeyd olunan xüsusi bir müddəadır. Təsadüfi deyil ki, bu il respublikamızda “Uşaq ili” elan olunub. “Uşaq hüquqları haqqında” Konvensiyanın yubileyini parlamentdə də xüsusi qeyd etdik.
Amma sonda bir fikri xüsusi vurğulamaq istəyirəm. İctimaiyyətimiz, cəmiyyətimiz bir daha əmin olur ki, Konstitusiyaya sonuncu əlavələr və dəyişikliklər, o cümlədən bu müddəalar təsadüfən yaradılmayıb, bunların zəruri əsasları var. Bu gün qəbul edəcəyimiz qanunlar bir daha bunu sübut edir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A.Həsənov. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Müzakirəmizə təqdim edilən 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi, göründüyü kimi, ölkə Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərin nəticəsi olaraq hazırlanmışdır.
“Bəzi qanunvericilik aktları” yazılsa da, layihədən görünür ki, konkret olaraq Ailə Məcəlləsinə, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Mən bu qanunvericilik aktlarının içərisində xüsusi olaraq Əmək Məcəlləsinə edilən dəyişikliklərin üzərində dayanmağı zəruri hesab edirəm. Layihədən görünür ki, “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi nəticəsində Əmək Məcəlləsinin 4-cü maddəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, yetkinlik yaşına çatmış uşaqlardan işçi qüvvəsi kimi istifadə olunur və bu zaman qanunvericiliyin tələbləri gözlənilmirdi. Amma hesab edirəm ki, Əmək Məcəlləsinin 12-ci maddəsində uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməməyin işəgötürən qarşısında vəzifə qoyulması bu problemin həllinə böyük təkan vermişdir.
Bundan başqa, həmin maddədə də 15 yaşına çatmamış şəxslərin onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmaları barədə normanın da əlavə olunması işəgötürənlər üçün məsuliyyət müəyyən edir, həmçinin onların 15 yaşına çatmamış şəxslərə münasibətdə intizamlı olmalarına şərait yaradır. Qeyd etmək lazımdır ki, 15 yaşına çatmamış şəxslərin kütləvi şəkildə əməyə cəlb olunması prosesi adi hala çevrilmişdir. Əsasən də, bu yaş həddində olan uşaqlarla işçi − işəgötürən münasibətləri rəsmiləşdirilməmiş şəkildə həyata keçirilir. Təbii ki, belə hallar dövlət müəssisələrində deyil, özəl təsərrüfat subyektlərində geniş yayılmışdır. Hər halda 15 yaşına çatmamış şəxslər daha çox fərdi əmək münasibətlərində olurlar ki, bu halda işəgötürənin üzərinə məsuliyyət qoyula bilməz. Başqa sözlə, yetkinlik yaşına çatmamış şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaları cəmiyyətin sosial bəlasıdır. Amma etiraf olunmalıdır ki, işəgötürənlə münasibət yaratmadan, yəni fərdi şəkildə əməklə məşğul olma hallarının qarşısı inzibati qərarlarla alına bilməz. Bu məsələdə daha çox cəmiyyətin maarifləndirilməsi və vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması əhəmiyyətli təsir gücünə malikdir.
Hazırkı layihədə isə daha çox işəgötürənlə 15 yaşına çatmamış şəxslər arasında münasibətlərin tənzimlənməsi nəzərdə tutulur və bu məsələdə işəgötürənlərin qarşısında konkret öhdəliklər qoyulur. Əmək Məcəlləsinin 249-cu maddəsinin isə Azərbaycan Konstitusiyasına uyğunlaşdırılması, başqa sözlə, işə qəbulla bağlı yaş həddinin 14-dən 15-ə çatdırılması daha mütərəqqidir. Əvvəla, hansı isə normativ hüquqi akt Konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Digər halda isə uşaqların rəsmi əmək münasibətlərinə 15 yaş həddinə qədər qoyulan qadağa onların təlim-tərbiyə və təhsil almaları üçün önəmli əhəmiyyətə malikdir.
Məni narahat edən hallardan biri də budur ki, Əmək Məcəlləsində konkret dəyişikliklərin olması bəzi hallarda işəgötürənlərin bu qadağaya əməl etməmələri ilə nəticələnə bilər. Başqa sözlə, işəgötürənlər 15 yaşına çatmamış şəxslərlə gizli şəkildə əmək münasibətlərində ola bilərlər ki, bu halda da dövlətin müvafiq qurumları qanunvericiliyin normalarına dəqiqliklə əməl olunmasına nəzarət etməlidirlər. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra nəzarət tədbirlərini gücləndirməli, reydlər keçirərək bu sahədə baş verən pozuntuları aşkarlamalıdırlar. Hesab edirəm ki, müzakirəmizə təqdim edilən əlavə və dəyişikliklərin hər biri mütərəqqidir və onların qəbul edilməsi cəmiyyət üçün faydalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən gördüm ki, gündəliyin bu məsələsi millət vəkillərində çox böyük maraq oyatdı. Mən sizin təkliflərinizi qəbul etdim ki, fasiləyə qədər işləyək. Gələn iclasımızda bu siyahı ilə müzakirələrə başlayarıq. Sağ olun.