04.12.2009 - tarixli iclasın stenoqramı


MİLLİ  MƏCLİSİN  İCLASI

4 dekabr 2009-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat    (saat 12.01 dəq.)
İştirak edir        87
Yetərsay           83

Yetərsay var, təşəkkür edirəm, çox sağ olun. Hörmətli deputatlar, biz keçən iclasda, dekabrın 26-da 20-ci məsələdə qalmışdıq. Bu məsələ ilə əlaqədar komitə sədri Əli müəllim kifayət qədər məlumat verdi, çıxışa yazılanlar da var idi. Amma mən belə başa düşdüm ki, yazılanlar həmrəylik göstərmək istəyirdilər. Təkid edən yoxdursa, layihəni səsə qoya bilərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Varmı? Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, söz verdiyinizə görə sağ olun. Əvvəla, təklif olunan məsələyə öz müsbət münasibətimi bildirirəm və həmin layihəyə səs verəcəyəm. Amma bu il Azərbaycanda “Uşaq ili” elan olunub və parlamentdə uşaq hüququ ilə bağlı xüsusi dinləmələr də keçirildi. Düzdür, orada mənim çıxış etmək imkanım olmadı.
Yeri gəlmişkən, bir məsələni Milli Məclis rəhbərliyinin, millət vəkillərinin, həm də hökumətimizin diqqətinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti uşaqların ailələrə verilməsi ilə bağlı xüsusi fərman imzalayıb. Mənim bir sinif yoldaşım,  eyni zamanda, kənddə qonşum üç ildir övladlığa uşaq götürə bilmir. Bununla əlaqədar olaraq mən  Prezident Administrasiyasında Humanitar siyasət məsələləri şöbəsinin müdir Fatma xanımla əlaqə saxladım, sonra Fatma xanım təzədən mənimlə əlaqə saxladı. O isə bu işi Nazirlər Kabinetində İsmayıl müəllim adlı bir şəxsə tapşırdı. Həmin adamların hər ikisi – ər-arvad mənim sinif yoldaşlarımdır. Onlar çox namuslu, ləyaqətli insanlardır. Biri müəllimədir, biri sürücüdür, zəhmətlə yaşayan insanlardır. Allah elə gətirib ki, uşaqları olmur. Həmin adamlar, Ziyafət müəllim, 3 ildir uşaq götürə bilmirlər.
Mən bir dəfə Gülər xanıma müraciət etdim. O dedi ki, mənə yazılı müraciət eləsinlər, qeyri-hökumət təşkilatı, bu işlə məşğul olan bir adam kimi mən kömək eləyim. Sonra mən Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanımla telefon əlaqəsi saxladım, həmin adamları o da qəbul etdi. Ziyafət müəllim, onlara deyirlər ki, gedin, Naxçıvanda növbəyə durun. Naxçıvanda da deyirlər ki, belə bir növbə yoxdur. Hansı növbəyə yazılsınlar? Uşaq evləri, kimsəsiz uşaqlar var. Gəlmişəm, deyirəm: Azərbaycan Respublikasının vətəndaşıyam, verin aparım, uşağı saxlayım. Mənim barəmdə istənilən məlumatı, arayışı toplayın.  Çox təəssüf ki, 3 ildən artıq bir müddətdir, müvafiq dövlət orqanlarına müraciət edirlər, bu məsələnin həlli mümkün deyil. Mən bu məsələni, xahiş edərdim ki, diqqətinizə götürəsiniz və kömək edəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Referendum Aktından sonra bu il mart ayının 17-də Konstitusiyaya ciddi dəyişikliklər etdik. Həmin dəyişikliklər də ayrı-ayrı qanunvericilik aktlarında öz əksini tapmalıdır. Bu qanun layihəsində göstərilən dəyişiklikləri aktual və vacib hesab edirəm. Amma əvvəlcədən bir məsələyə diqqətinizi çəkmək istəyirəm.
Xatırlayırsınızsa, əvvəllər prezident seçilmiş şəxslərin təminatı haqqında 108-ci maddənin ikinci hissəsi əlavə olundu. Bir də, 149-cu maddədə səkkizinci hissəyə əlavə olundu. Orada normativ aktların dərc olunması ilə bağlı iki yeni Konstitusiya Qanununun qəbul olunması  nəzərdə tutulurdu. Amma sessiya artıq başa çatır. Növbəti sessiyada bunun nə dərəcədə həll olunacağı haqqında məlumatımız yoxdur. Bu bizim referendumun nəticələrinə olan münasibətimizdir. Mən hesab edirəm ki,  bu qanunla əlaqədar dəyişiklik vacibdir. Eyni zamanda, Konstitusiyada nəzərdə tutulan Konstitusiya qanunlarının da qəbul olunması imkanlarına baxılsın. Biz hörmətli Əli müəllimin komitəsinə əvvəllər prezident seçilmiş şəxslərin təminatı haqqında qanun layihəsi təqdim etmişik. Bu məsələyə baxılması vacibdir. Biz referenduma, bu cür hüquqi sənədlərə, Konstitusiyadakı dəyişikliklərə münasibətimizi ifadə eləyək, formal olaraq müddəa salmayaq. Konkret olaraq nələri qeyd eləmək istəyirəm?
Birinci növbədə hesab edirəm ki, bu qanunda nəzərdə tutulan məsələlər müəyyən problemlər də yaradacaq. Məsələn, əmək qanunvericiliyinin pozulması − uşaqların həyatına, sağlamlığına və ya mənəvi həyatına təhlükə törədən fəaliyyətə cəlb edilməsi məsələsi bir az mücərrəd məsələdir. Açıqlanmalıdır ki, işəgötürən öz işini mənəviyyatlı bir iş sayır, bunun mənəviyyata zərər vurduğunu ehtimal etmir. Amma hansısa bir dövlət orqanı gəlib əsaslandırır ki, bu, mənəviyyata zidd bir işdir, siz uşaqları buna cəlb etmisiniz. Məsələn, müxtəlif sahələrdə belə ola bilər. Ona görə də, məncə,  açıqlama verilmədən praktikada bu, ciddi nöqsanların yaranmasına gətirib çıxaracaq və işəgötürənlər uşaqların qayğısına qala, işə götürə bilməyəcəklər. Sovet dövründə ümumi qayda, heç olmasa, kimsəsiz uşaqlara  baxmaq imkanı var idi. Amma bu gün dövlətin özü də bu məsələlərə tam şəkildə nəzarət edə bilmir. Küçələrdə dilənən uşaqları yığışdırmaq olurmu? Maşın silən 11–12 yaşlı uşaqları, bandalar tərəfindən girov götürülmüş uşaqları himayə etmək mümkün olurmu? Piştaxta arxasında, ayrı-ayrı yerlərdə fəaliyyət göstərən uşaqları himayə altına götürmək olmur. Ona görə də bu, ciddi problemlər yarada bilər.
İkinci tərəfdən, ən böyük problemlər ailə-kəndli təsərrüfatında münasibətlərin tənzimlənməsində ortaya çıxır. Uşaq həm peşə öyrənməlidir,  həm də kənddə yaşayan uşaq valideyninə kömək etməlidir. Bu onun həyata hazırlanması üçün vacibdir. Valideyn uşağı  naxıra, yaxud hansısa işin dalınca göndərəcəksə, bunu mənəviyyata və ya sağlamlığa zidd hərəkət kimi qiymətləndirib valideyni cəzalandırmayacaqlar ki? Ona görə də mən hesab edirəm ki, burada ciddi dəqiqləşdirmələr aparmaq lazımdır. Məsələn, Əmək Məcəlləsinin 258-ci maddəsinin köhnə variantında göstərilir ki,  tərəflərin birinin tələbi ilə əmək münasibəti rəsmiləşdirilə bilər. Burada bildirilir ki, bu əmək münasibəti tərəflərin birinin tələbi ilə rəsmiləşdirilməlidir. Niyə mütləq norma qoyulur ki, “rəsmiləşdirilə bilər”? Ailə təsərrüfatında təkid, etimadsızlıq olsa, onda bu münasibətlər rəsmiləşdirilə bilər. Amma bunu mütləq mənada tələb eləmək, məncə, ciddi çətinliklər yarada bilər. Mən hesab edirəm ki, bu kimi qanunlarda ənənəvi qaydalardan qaçmalıyıq.
Qanun layihəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları, məhkəmə, prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları uşaq hüquqlarının müdafiəsini təmin etməlidir. Dövlət nə vaxtdan ictimai birliklərə, həmkarlar ittifaqı təşkilatlarına göstəriş verir? Dövlət ancaq özünə aid orqana göstəriş verə, digərləri də bu hüququ tanıya bilərlər. Bunu mütləq normativ bir qayda olaraq onlara tətbiq etmək düzgün deyil. Həm də ayrı-ayrı vətəndaşların uşaq hüquqlarını müdafiə etmələrinə icazə verilmir. Burada ayrı-ayrı vətəndaşlar nəzərdə tutulmur. Elə vətəndaş var ki, hansısa pozulmuş uşaq hüququnu müdafiə etmək istəyir. Tanınmış ictimai xadimdir. Heç bir qeyri-hökumət təşkilatı yoxdur. Mən hesab edirəm ki, bu dəyişikliklər nə qədər aktual olsa da, uşaqların sağlamlığının, mənəviyyatının qorunmasına xidmət etsə də, uşaqların  peşə hazırlığı, özlərini həyata hazırlamaları, gələcəkdə  iş yeri tapmaları, valideyn  dəstəyi olmadan yaşamaları üçün heç bir məhdudiyyət qoyulmamalıdır.  Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən  iki məsələyə aydınlıq gətirmək istərdim. Fazil bəy məsələ qaldırdı. Sonradan təkrar olunmasın deyə fikrimi deyim. Əvvəla,  Fazil bəy, bilirsiniz, qanun qəbul olunandan sonra cənab Prezident qanunun tətbiqi ilə bağlı fərman verir və həmin fərmandan sonra Nazirlər Kabineti qərar qəbul edir. Uşaqların  işə cəlb olunacaqları sahələrin siyahısı artıq Nazirlər Kabinetinin qərarında veriləcəkdir.
O ki qaldı QHT-lərə göstəriş verilməsinə, Fazil bəy, burada QHT-lərə göstəriş verilməsindən  söhbət getmir. Bilirsiniz ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası var, həmin şuradan müəyyən QHT-lər qonorar alırlar və qonorara uyğun olaraq  layihələrini həmin şuraya təqdim edirlər. Orada göstərirlər ki, bu qonorarı uşaq hüquqlarının müdafiəsinə, yaxud başqa bir məsələyə sərf edəcəyəm. Söhbət bu kateqoriyadan olan QHT-lərdən gedir. Alınmış qonorarın təyinata uyğun sərf edilməsindən bəhs edilir. Mən hesab edirəm, bunu belə başa düşmək lazımdır. Sağ olun, təşəkkür edirəm. Zahid Orucov.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, təqdim edilmiş layihə  tərəfimizdən qəbul olunmalıdır. Bir tərəfdən ona görə ki, bunun prinsipial, fundamental əsasını Konstitusiyaya dəyişikliklər və əlavələrlə martın 18-də qəbul etmişik. Yeri gəlmişkən, həmin məsələnin üzərinə bir daha qayıtmağa dəyər. Həmin dövrdə hakimiyyət platformasını və Konstitusiyaya dəyişikliklər və əlavələr layihəsini müdafiə edənlərin ideologiyası bu gün də qalib gəldiyini sübuta yetirir. Biz o dövrdə həmin müddəaların cəmiyyətdən, millətin maraqlarından, dövlətin inkişafını təmin edəcək niyyətlərdən irəli gəldiyini vurğulamaqdaydıq, eyni zamanda, qanunvericilik sisteminin kifayət qədər təkmilləşdiriləcəyini qeyd eləyirdik.
Bunun əleyhinə çıxanlar dəlillərinin kəsərsizliyini, mənə elə gəlir ki, ötən altı ayda görmüş oldular. Yəni bu dəyişikliklərin əleyhinə çıxanların müddəaları ondan ibarət idi ki, həmin dəyişikliklər, sadəcə, hansısa məsələlər üzərində qurulmuş bir layihədir və  cəmiyyətdən gəlmir. Altı ay sübut etdi ki, Azərbaycan nə beynəlxalq təcridlərə məruz qaldı, nə Azərbaycanın beynəlxalq aləmlə əlaqələrində problem oldu, nə də Azərbaycan Avropaya inteqrasiya sistemindən imtina etdi.  Azərbaycanın üzərinə hər hansı təpkilər, təzyiqlər də olmadı. Mən, birinci,  bunu vurğulamaq istəyirəm. Bəzən biz bir dövrdə, kampaniya zamanında ən müxtəlif yürüşlərə çıxırıq, üzərindən bir müddət keçir, deyilən dəlillər unudulur.  6 ay bundan əvvəl  teledebatlarda  bu məsələlərlə bağlı hakimiyyət çevrəsində dayananların üzərinə ən müxtəlif dəlillərlə gələnlərin və beynəlxalq təcrübəyə istinad edənlərin dəlilləri havaya sovrulmuş oldu.
İkinci, mən hansı məsələyə toxunmaq istəyirəm? Təbii ki,  Konstitusiyaya dəyişikliklər və əlavələrdən sonra prinsipial olaraq qanunlar üzərində geniş iş aparılmalıdır. Heç şübhəsiz ki, hörmətli Əli Hüseynova peşəkar bir hüquqşünas, komitə sədri, işini yüksək səviyyədə  yerinə yetirən bir insan kimi böyük hörmətimiz var. Buna heç bir şübhə yoxdur. Amma digər sahələri əhatə edən qanunvericilik işləri də görülməli idi. Biz Konstitusiyada bunu etdik, ondan sonrakı dövrdə qanunlar səviyyəsində bunu tamamlamaq lazımdır.
Üçüncü məsələyə də toxunmaq istəyirəm. Eks-prezidentlərin statusu ilə bağlı geniş diskussiyalar müxtəlif dövrlərdə gedir və bu məsələ üzərində də siyasi maraqlar axtarılır. Konstitusiyaya dəyişiklik  qəbul edilib, yəni artıq biz bunu təsbit etmişik, biz bu qanunu qəbul etməliyik. Ziyafət müəllim bir az bundan əvvəl verdiyi şərhdə göstərdi ki, qanunun qəbulundan sonra cənab Prezidentin imzası ilə onun tətbiqi ilə bağlı fərman verilir. Həmin fərmanda yalnız göstərilə bilər ki, bu qanun kimə şamil olunacaqdır. Eks-prezidentlərin statusu kütləvi həyatı əhatə eləmir, 3−5 nəfərin və ya gələcəkdə onlarla insanın həyatını əhatə edə bilər. Bunun əsas fundamental mənası ondan ibarətdir ki, dövlət birinci şəxsin həyatını sığorta eləyir,  onun imtiyazlarını müəyyənləşdirir, buna bir təsisat xarakteri verir və gələcəkdə hər hansı bir formada onun həyatında problemlər yaranmamasını göstərir və dövlətin gələcəkdə ənənəsinin olmasını sübuta yetirir. Azərbaycan üçün bu çox önəmlidir. Artıq indiki dönəmdə kimsə hər hansı siyasi hislərlə yaşamırsa... Keçmişdə o, kim olub, necə olub? Şəxsən mənə qalsa, mənim mövqeyim ondan ibarətdir ki, Ayaz Mütəllibov bu hüququ daşımır. Amma bu mənim mövqeyimdir və siyasi dartışma mövzusudur. Azərbaycan üçün bu qanunun vacib olduğunu mən xüsusi vurğulamaq istəyirəm, çünki ulu öndər, Azərbaycanın həyatında çox böyük rol oynamış bir insan bu qanunun tətbiq ünvanlarından biridir.
Uşaqlarla bağlı məsələ qoyulub. Mən bizim həmkarlar danışanda hörmətli Əli müəllimə yaxınlaşdım, bir məsələni dəqiqləşdirmək istəyirdim. Bununla da fikirlərimi yekunlaşdırmaq istəyirəm. Əlbəttə, uşaq əməyinin istismarına qarşı qanunvericilikdə ciddi sanksiyaların müəyyənləşdirilməsi çox yaxşıdır. Uşaqları müqavilə qaydasında işə cəlb eləyənlərə qarşı  məsuliyyəti müəyyənləşdirmişik. Amma çox yaxşı olar ki, burada deyildi, müqavilə qaydasında deyil, başqa formalarda uşaq əməyini istismar eləyib bundan böyük maliyyə qazananlara qarşı da qanun sanksiyalar müəyyənləşdirsin. Əlbəttə, Konstitusiyanın konkret müddəası var ki, bu hərəkət məsuliyyət yaradır. Amma biz müqavilə əsasında uşaqları işə cəlb eləyənlərə qarşı hansısa maliyyə sanksiyaları tətbiq edirik. Bəs  digərlərinə qarşı hansı maliyyə sanksiyası var, bunlar eynidirmi? Bilmirəm, siz, peşəkar hüquqşünaslar bizə öyrətmisiniz ki, qanunda yazılmayıbsa, icazə verilir. Ona görə bu məsələyə də aydınlıq gətirilməsi yaxşı olardı.
Sədrlik edən. Zahid müəllim, sağ olun. Amma peşəkar hüquqşünaslar bunu Cinayət Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də yazıblar.  Uşaq əməyinin qanunsuz istismarına görə kifayət qədər məsuliyyət növləri var. Bunların necə tətbiq olunması isə başqa məsələdir. Bu sahədə, ola bilər ki, müəyyən problemlər var, amma qanunvericilikdə bu məsələ nəzərdə tutulur. Pənah Hüseyn. 
P.Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Hesab edirəm ki, biz bu qanun layihəsinə təkcə Referendum Aktının Konstitusiyaya daxil edilməsi ilə edilən dəyişikliklərin və əlavələrin sadəcə, texniki bir təsbiti kimi yox, mühüm bir məsələ kimi baxmalıyıq. Bilirsiniz ki, həmin müddəalar dörd əlavə və dəyişiklik şəklindədir. Hesab edirəm, bu gün təqdim olunan dəyişikliklər sırf deklarativ xarakter daşıyır. Konstitusiyada təsbit olunmuş  mühüm dəyişikliklər və əlavələr qanunvericilikdə daha mükəmməl şəkildə və ətraflı təsbit olunmalıdır.
Hörmətli Zahid Orucovun fikirlərinə istinadən demək istəyirəm ki, bu dəyişikliklərə referendumla bağlı  diskussiyalar və debatlar zamanı Azərbaycan müxalifətinin səsləndirdiyi bir fikrin təsdiqi kimi baxırıq. Mühüm məsələlərə  texniki xarakterli düzəlişlərin edilməsi ilə kifayətlənməyib əlavə sübut kimi baxırıq. Əslində, referendumun mahiyyəti bir nəfərin iki dəfədən artıq prezident seçilməsini təsbit etməkdən ibarət idi. Bu dəyişikliklər isə, sadəcə, dəyişiklik xatirinə, əsas, mühüm siyasi bəndi həyata keçirmək üçün edilmiş dəyişikliklər idi. Bugünkü qanun layihəsi də  bunun sübutudur.
Mən dediklərimi sübut etmək üçün mühüm  məsələləri bir daha hörmətli Milli Məclis üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.  Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə hələ sovet dövründən tətbiq olunan uşaqlara müavinət verilməsi sistemi ləğv edilmişdir. Hörmətli deputatlar, hesab edirəm ki, Konstitusiyada dəyişikliklər ediləndən sonra üzərinə qayıdılası birinci məsələ uşaqlara verilən müavinətlərin bərpa edilməsi ola bilərdi. Məndə Azərbaycanda 1−15 yaşa qədər olan uşaqların sayı haqqında məlumat var.  Rəsmi statistikaya görə 2 milyon 21 min nəfər uşaqdır. Bu 2 milyon 21 min nəfər uşağa 10 manatdan müavinətin verilməsi ayda 20 milyon, ildə isə 240 milyon manat eləyir. Büdcədə buna hətta  əlavə vəsait ayırmağa da ehtiyac yoxdur. Ünvanlı sosial yardıma ayrılan 21 milyon manatın təyinatına görə uşaqların müavinətinə, təminatına yönəldilməsi bu mühüm məsələni ciddi şəkildə həll etməyə imkan verərdi.
Hörmətli deputatların diqqətini bir məsələyə də cəlb edim. Məsələn, dörddən artıq uşağı olan ailələrin sayı təxminən 200 mindən bir qədər artıqdır. 3 uşaqlı ailələrin sayı təxminən 400 min əhatə edir. Əslində,  hətta indi mövcud olan  mənbələr hesabına uşaqlara müavinəti bərpa etmək olar. Nəzərə alaq ki, təminatlı ailələrin bir çoxunun bundan könüllülük əsasında imtina etməsi məsələsi əvvəllər də gündəmdə var idi və onlar bu təminat üçün müraciət etmirdilər. İndiki halda əlavə mənbələri də cəlb edərək, hər bir uşağa 10–20 manata qədər müavinəti bərpa etmək mümkündür.  Azərbaycanda 2 milyondan yuxarı belə uşaq var. Onların ailə üzvlərini buraya əlavə etdikdə, təxminən 3 milyona qədər əhalinin  vəziyyətinin əhəmiyyətli bir şəkildə  irəliyə doğru irəliləməsinə kömək edərdi.  Bu 210 milyon manatı biz ünvanlı sosial yardım adı ilə faktiki olaraq dağıdırıq. Bilirsiniz ki, guya əhalinin aztəminatlı hissəsi bu ünvanlı sosial yardımı alanlardırlar. Sentyabr ayından bunlar dayandırılıb.
Mən dünən müvafiq nazirliyin mətbuat xidməti rəhbərinin çıxışına qulaq asdım, mətbuatda açıqlamasını oxudum. O deyir ki, kompüter şəbəkəsi xarab olduğuna görə  artıq 3 aydır, yəni sentyabrdan başlayaraq  ünvanlı sosial yardım verilmir. Həmin sosial yardım təxminən 700 min nəfər əhatə edir, guya 120 mindən yuxarı ailədir. Bu halda onlar acından qırılmalı idilər. Bizə pensiyalar, müavinətlər, o cümlədən uşaqlarla bağlı yardımların göstərilməsi barədə çoxsaylı müraciətlər gəlir. Baxmayaraq,  həmin ünvanlı sosial yardım artıq üçüncü aydır  dayandırılıb, bu barədə, məsələn, mənim dairəmdən bir dəfə də olsun, şikayət gəlməmişdir. Guya ünvanlı sosial yardımı alanların əksəriyyətinin sənədlər saxtadır və ya  ünvanlı sosial yardım aldıqlarından özlərinin də  xəbəri yoxdur. Ona görə də dövlətin, bir daha təkrar edirəm, çox böyük vəsaitinin təyinatına görə,  ehtiyac hiss edənlərə və  gələcəyimizə − uşaqlarımıza yönəldilməsinin vaxtı gəlib çatıb. Hesab edirəm ki, bir çox ölkələrdə tətbiq olunduğu kimi,  uşaq anadan olandan sonra ona dövlət sosial yardım kartlarını tətbiq eləmək lazımdır, müvafiq hesablar açılmalı və dövlətin yardımı təyinatına görə həmin uşaqların hesabına daxil olmalıdır. Təbii ki, onların valideynləri və onlara qəyyumluq edən şəxslər bu vəsaitlərə sərəncam verə bilərlər.
İkinci bir mühüm məsələ budur ki, Yeni Azərbaycan Partiyasının iqtidarı və Milli Məclis uşaqlara qayğının mühüm sahəsi olan analara ən böyük zərbəni vurdu. Bilirsiniz ki, bu yaxınlarda sizin əksəriyyətinizin  səsi ilə çoxuşaqlı  analara verilən pensiya güzəştlər birmənalı şəkildə ləğv edildi. Bu, Müsavat deputat qrupunun təklifidir və qanunvericilik təşəbbüsü qaydasında yenidən irəli sürüləcəkdir. Hesab edirəm ki, çoxuşaqlı analara pensiya güzəştləri məsələsinə yenidən qayıtmaq lazım gələcəkdir. Azərbaycan müxalifəti, bizim təmsil etdiyimiz siyasi qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə atılan ilk addımlardan biri analarımıza verilən bu güzəştlərin bərpa edilməsi olacaqdır. Bunu Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı bilsin.
Hörmətli deputatlar, burada deyilir ki,  uşaqların onların həyatları  və mənəviyyatları üçün təhlükəli olan işlərə cəlb edilmələri qadağandır. Onlarla əmək müqaviləsi bağlamaq olmaz. Bu, əslində, əvvəllər də bizim qanunvericilikdə var idi. Orada “əsasən” sözü, “bir qayda olaraq” ifadəs istisna edilirdi. Mən hesab edirəm ki, bu gün uşaqların həyatları üçün guya əmək müqavilələri nəticəsində  yaranacaq təhlükədən daha ciddi bir təhlükə var. Sabirabadda bu gün bir məktəbdə belə istilik sistemi yoxdur. Həmin uşaqlar  daha ciddi bir təhlükə – soyuq təhlükəsi ilə qarşı-qarşıyadırlar. Mən dünən mətbuatda oxudum.  Sabirabad bir tərəfə dursun, Bakı şəhərində bir məktəb tətil edib, uşaqlar soyuq siniflərə girməkdən imtina ediblər.  Milli Məclis,  deputatlar əsas hüquqları təmin olunan uşaqların ən azı 3-4 ay ərzində isti ilə təmin olunmaları, onların soyuqdan qorunmaları  ilə nə əcəb maraqlanmırlar? İndi biz,  əslində, qanunda mövcud olan texnik düzəlişlərlə kifayətlənirik.
Nəhayət, mən çıxışımı bir məsələ ilə yekunlaşdırmaq istəyirəm. Mən  bir daha iddia edirəm ki, bizdə icbari orta təhsilin  yaş həddinin 2 il azaldılması da  uşaqlarımızın, o cümlədən qız uşaqlarının hüquqlarına ciddi zərbə vuracaqdır. Mən rəsmi statistikaya baxıram. Azərbaycanda 1999-cu ildən 2008-ci ilə qədər qeyri-qanuni nikahdan doğulan uşaqların sayı 2,5 dəfə artıb. Yəni təxminən 9 min nəfərdən 19 min nəfərədək olan bir həddə yaxınlaşıbdır. Bu çox böyük həyəcan doğuran və ciddi diqqət tələb edən bir məsələdir. İndi biz onları orta məktəbdən də 2 il tez uzaqlaşdırmaqla  və bir növ azyaşlı qızların ərə getmələrinə şərait  yaratmaqla, onları  çətin bir vəziyyətdə qoymaqla, hesab edirəm ki, Azərbaycan cəmiyyətinin  əsas hüceyrəsi, nüvəsi olan ailə sisteminə də çox ciddi bir zərbə vurmuş oluruq. Yaxşı, icbari orta təhsilin 9-cu siniflə başa çatması haqqında qanun qəbul etdik. Burada başqa bir müsbət cəhət də var idi. Bu, 5 yaşından uşaqların icbari qaydada məktəbəqədər təhsilə cəlb olunması deməkdir. Bu istiqamətdə hansı addımlar atılıbdır?  Mən bu il bizim dövlət büdcəsinə bir daha baxdım.  5 yaşında uşaqların icbari təhsilə, məktəbəqədər uşaq müəssisələrinə cəlb edilməsi üçün, demək olar ki, heç bir əlavə cidd maliyyə vəsait nəzərdə tutmamışıq.
Sözümü yekunlaşdıraraq bir daha bildirirəm ki,  biz Konstitusiyada bu mühüm maddələr təsbit etmişik. Bu istiqamətdə Milli Məclisin müvafiq şöbələri və komitələri xüsusi bir proqram qəbul etməlidirlər. Əvvəla, uşaq hüquqları, ailə məsələləri ilə bağlı bütün qanunlar ciddi monitorinqdən keçirilməlidir. Bu cür texniki dəyişikliklərlə yox, kompleks şəkildə, paket şəklində Milli Məclisə təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı konkret dövlət başçısı tərəfindən bu istiqamətdə xüsusi inkişaf proqramı qəbul edilməlidir. Digər müvafiq icra hakimiyyəti orqanları və başqa  təşkilatlar da bunların həyata keçirilməsini təmin etməlidirlər. Əks təqdirdə, bir daha təkrar edirəm, ən yaxın dövrdə ən hüquqsuz və ən mühüm köməyə, təminata ehtiyacı olan uşaqlarımızın vəziyyətində yaxşılaşmanı yox, pisləşməni müşahidə edəcəyik. Buna heç bir halda yol vermək olmaz. Hesab edirəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, istər yapçı, istər müxalifətçi və yaxud bitərəf olsun, heç bir deputat bu məsələdə, şübhəsiz, bitərəf deyildir. Bu məsələyə, bir daha təkrar edirəm, ümummilli bir məsələ  və  Azərbaycan cəmiyyətinin gələcəyinin təminatı kimi yanaşmaq tələb olunur. Mən çox ümid edirəm ki, yaplı, müxalifətli bütün Milli Məclis bu məsələdə öz iradəsini,  fikrini, mövqeyini ortaya qoyacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qanun layihəsinə səs verəcəyəm, deputat həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram. Doğrudan da, çox vacib  qanundur. Qanun layihəs   Əli müəllim tərəfindən geniş şəkildə təqdim olundu,  deputat həmkarlarım tərəfindən şərh edildi. Hesab edirəm ki, gələcəkdə də martda keçirilən referendumla əlaqədar ortaya çıxan digər qanunların Milli Məclisdə qəbulunun  şahidi olacağıq.
Burada məndən əvvəl çıxış edən deputat həmkarım Pənah Hüseyn Yeni Azərbaycan Partiyası, ümumiyyətlə, iqtidarla bağlı müəyyən fikirlər söylədi. Adam bu çıxışlara qulaq asanda hesab edir ki, Pənah Hüseyn “Yeni Müsavat” qəzetinin redaksiyasından başqa nə Milli Məclisdə, nə də Azərbaycan ictimai siyasi həyatında olur. Azərbaycanda gedən prosesləri görmür,  uşaqlara göstərilən diqqət və qayğıları hiss etmir və bunun nəticələrini görmür və görürsə, belə bir məlumat yayırsa, artıq onu tamam başqa fikrin sahibi kimi qiymətləndirmək olar. Bu gün burada oturan Milli Məclisin hər bir deputatı və Azərbaycan vətəndaşları Azərbaycanda uşaqlar üçün tikilən məktəblərin, bağçaların, uşaqlar üçün yaradılan şəraitin şahididirlər. Bu proseslər gedir.
İndi məktəbəqədər təhsil müəssisəsindən danışır. Prezident öz şəxsi fondundan bağçaların yenidən bərpa olunması, uşaqların bağçalara getmələri ilə əlaqədar 7 milyon dollar pul ayırdı. Texniki peşə məktəblərinin fəaliyyəti ilə əlaqədar Prezidentin Fondundan kifayət qədər vəsait ayrıldı. Burada oturan  bəzi həmkarlarım Prezident Fondu yaradılanda bu fondun nə ilə məşğul olacağını şübhə altına aldılar. Biz günbəgün həmin fonddan ayrılan vəsaitin məhz uşaqların problemlərinə sərf edildiyinin şahidi oluruq. Yəqin ki, həmkarım televizorda baxmayıb. Yeniyetmələrin dünya olimpiadası Azərbaycanda keçirilir, dünən açılışı oldu. Bu, Azərbaycanda uşaqlara olan diqqətin  bariz bir nümunəsidir. Bütün dünya ölkələrindən insanlar gəliblər və hər çıxış edən də Azərbaycanda yaradılan bu şəraitdən danışırdı. Yəqin, buna da fikir verməyib.
Burada səsləndirdiyi fikirlər tam sosialist ruhludur. Sosializmi tərənnüm edən fikirlər irəli sürürdü ki, güzəştlər olsun. Azərbaycan öz dövlət idarəçilik sistemi yolunu seçibdir və bu model üzrə də  inkişaf edir və dünyada da ən inkişaf etmiş ölkələrdən biridir. Deyir, uşaqlara pul verilsin. Nazirin də, deputatın da uşağı var,  yoxsulluq şəraitində yaşayan uşaq da var. Hamısı eyni vəziyyətdə olmalıdır, eyni vəsait almalıdır? Ünvanlı sosial yardım isə buna ehtiyacı olan adama çatdırılır. Ehtiyacı olmayan adama biz zorla  əlavə pul vəsaiti ayırmalıyıq? Mənim yadıma gəlir, vaxtilə  müəllimlər işıq pulu vermirdilər. Nazir vəzifəsində işləyirdi, həyat yoldaşı müəllimə idi, işıq pulu vermirdi. Yaxud da icra başçısı idi, həyat yoldaşı müəllimə, böyük biznesmendir, həyat yoldaşı müəllimədir, işıq pulunu vermirdi. Artıq Azərbaycan bu cür normalardan uzaqlaşıbdır. Azərbaycanda bu gün  ehtiyacı olan uşaqların ehtiyacları təmin olunur.
Azərbaycanda uşaq evlərinə gedin. Mən ayda bir-iki dəfədən az olmamaq şərti ilə Mərdəkandakı 2 saylı uşaq evinə gedirəm. Mən Pənah Hüseyni də dəvət edirəm ki, uşaq evlərinin birinə getsin, heç olmasa, baş çəksin. Baxsın ki, Azərbaycan dövləti uşaqlar üçün hansı şəraitləri yaradıb? Uşaqlar üçün evlər tikilib. Uşaqların tək uşaq evlərində yox, böyük  ailələrdə yaşamaları üçün, dünyanın heç bir ölkəsində hələ olmayan evlər Azərbaycan uşaqları üçün tikilib. Konstitusiyanın müddəalarına elə o vaxt da eyni sözləri deyirdiniz, indi də bunları təkrar edirsiniz. Amma biz real işlə göstəririk ki, Konstitusiyaya  olunan bu müddəa indi ayrı-ayrı qanunlarda öz əksini tapır, daha geniş şəkildə Nazirlər Kabinetinin qərarında əksini tapacaqdır. Müvafiq icra hakimiyyəti orqanları bununla bağlı müvafiq addımlar atacaqlar. Bu ilin Azərbaycanda “Uşaq ili” elan olunması ilə bağlı uşaqlara nə qədər diqqət, qayğı göstərilir. Heç təsadüfi deyil ki, Azərbaycan Milli Məclisində bununla bağlı böyük bir iclas keçirildi, hamımız  həmin iclasda iştirak etdik, çıxışlar oldu və görülən işlər haqqında danışdıq.
Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün nə qədər işlər görülübdür. Xəstə uşaqlar üçün ayrı-ayrı yerlərdə xüsusi binalar tikilibdir. Bir Nərimanov rayonunun ərazisində xüsusi xəstəliyi olan,  fiziki cəhətdən qüsurlu uşaqlar üçün beş bina tikilib təhvil verilibdir. Bu binalar ən yüksək standartlara uyğundur. Heydər Əliyev Fondu tərəfindən rayonlarımızda bu işlər aparılır. İndi Sabirabad məktəblərində istiliyi olmamasından danışıldı. Ola bilər, bir məktəbdə qəza baş verib və istilik olmayıb. Amma Sabirabadda nə qədər işlər görülüb. Əgər kimsə bu işlərdə iştirak etmirsə və yaxud da həmin işləri görmürsə, bu, artıq həmin insanın öz fikridir.
Burada ünvanlı sosial yardım ilə bağlı fikir söylənildi. Sənədlər kompüterləşir, hamısı yazılır, pozulur, gedin, götürün, yoxlayın, axtarın, tapın, baxın. Vaxtilə anaları gözüyaşlı qoyanlar indi anaların hüquqlarından danışırlar, güzəştləri siz ləğv edirdiniz. Əfqanıstan veterenlarını “Vətən xaini” adlandırmışdınız. Qarabağ müharibəsi başlayanda birinci həmin insanlar  döyüşə getdilər, onların böyük bir hissəsi şəhid oldu. Onların döyüş təcrübəsi var idi. Onları “Vətən xaini” adlandırdınız. Böyük Vətən müharibəsində 600 min azərbaycanlı iştirak etmişdi, 300 mini geri qayıtmamışdı, bir çoxları əlil və şikəst olmuşdular. Onların bayramlarını ləğv etdiniz, bütün güzəştlərini əllərindən aldınız və səslərini də çıxarmağa qoymurdunuz ki, siz sovet ordusunda imperiyaya xidmət etmisiniz. Orada olan adamların əksəriyyətinin valideynləri, babaları Böyük Vətən müharibəsində iştirak etməmişdilər. Ona görə onlar bunun əleyhinə çıxırdılar və  bu məsələlərdən qaçırdılar. Amma Yeni Azərbaycan Partiyasının hakimiyyəti daim bu insanların diqqət və qayğısını çəkir. Həmin insanların istər pensiya təminatında, istər sosial müdafiəsi, istərsə də reabilitasiyaları istiqamətində hər cür addımlar atıb.
Sovet hökuməti dövründə təxminən 1960-cı illərə qədər  müharibədən qalib çıxmış Sovet İttifaqı heç bir güzəşt vermədi. 1970−1980-ci illərdə Böyük Vətən müharibəsi iştirakçılarına 8 il müddətinə bir “Zaparojets” verildi və cüzi güzəştlər müəyyənləşdirildi. Bu gün Azərbaycanda Qarabağ əlillərinə,  müharibə veteranlarına bütün təchizatı ilə evlər verilir. Hər bir adam istəyər ki, elə bir evdə yaşasın. Onların bütün təminatları həll olunur. Pensiyalarına əlavələr edilir, maşınlar verilib. Kənd yerində yaşayanlara fərdi yaşayış evləri tikilir. Bunlar bizim gözümüzün qarşısındadır. Bir həftə bundan öncə Prezidentimiz 6 binanın açılışında iştirak etdi. Həmin binalar müharibədə əziyyət çəkmiş qaçqınlar üçün nəzərdə tutulub. Yəni bunları bu insanların gözləri götürmür? Qısa müddət ərzində Azərbaycanda bu qədər iş görülübdür.
Mən hələ statistik faktlar gətirmirəm, yəni yadıma düşənləri bir-bir sadalayıram. Mən hesab edirəm ki, xalq bunları görür, ona görə bu iqtidarı dəstəkləyir. Bu Prezidenti dəstəkləyir və bu Prezidentə səs verir, həmişə də səs verəcəkdir. Ona görə ki, xalqın Prezidentidir, millətin Prezidentidir, millətini, xalqını sevir. Daim xalqın sosial müdafiəsi ilə, onun yaxşı yaşaması ilə məşğul olub və vədinə sadiq olan Prezidentdir və bu hamının gözü qarşısındadır. Hansı partiya və qüvvələri təmsil etdikləri bilinməyənlər, bələdiyyə seçkilərində 50 nəfərdən yuxarı namizəd tapa bilməyənlər bu gün iqtidarın əleyhinə belə fikirlər söyləyirlər. Bunun ən gözəl göstəricisi, bax, elə  bələdiyyə seçkilərində ortaya çıxardığımız  normalardır ki, Azərbaycanda 50 nəfərdən yuxarı namizəd tapa bilmədiniz. Ona görə ki, Azərbaycan xalqı sizi dəstəkləmir, sizə etimad göstərmir. Mən bu qanun layihəsinin qəbul edilməsinə tərəfdaram və xahiş edirəm, qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva.  Çox sağ olun, Ziyafət müəllim. Mən, əslində, bu qanun layihəsini dəstəkləyəcəyəm və inanıram ki, həmkarlarım da  dəstəkləyəcəklər. Çünki buna dəstəyimizi nümayiş etdirmək çox önəmlidir. Amma mən burada qanun layihəsi ilə deyil, əlaqədar qurumların da bu müzakirələrdə iştirakını nəzərə alaraq, bunun həyata keçirilmə mexanizmi çərçivəsində ortaya çıxacaq bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm və təbii, xahiş edəcəyik ki, bu məsələlərə  daha çox diqqət yönəldilsin. 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə həm vəzifəli şəxsləri, həm də hüquqi şəxsləri cərimə edirik. Amma mən qorxuram ki, sabah uşaqların əməyə cəlb edilməsi sahəsində daha çox  uşaqların istismar olunması məsələləri ortaya çıxa bilər. Uşaqların işə götürülməsinin qanunla qadağan edildiyini səbəb göstərərək uşaqlara çox kiçik vəsaitlər ödəyərək əməyə cəlb edə bilərlər. Ona görə də bunu həyata keçirəcək təşkilatlarımız ortaya çıxacaq subyektivlikləri aradan qaldırmaq üçün ciddi işləməlidirlər, yəni uşaq əməyinin istismar olunmasının qarşısı alınmalıdır. Biz imkan verməməliyik ki, hansısa hüquqi və digər şəxslər cərimələri bəhanə edərək, uşaqları çox kiçik vəsaitlər hesabına ağır işlərə cəlb etsinlər. Uşaqların onların ailələrinin ehtiyaclarından belə sui-istifadə hallarının qarşısının alınması üçün mənə elə gəlir ki, ən çox iş sabah bunu həyata keçirəcək orqanların üzərinə düşəcək.
Amma mən bu məsələnin bir tərəfini xüsusi vurğulamaq istəyirəm. Bizi ən çox narahat edən “küçə uşaqları” adlandırılan problemlə bağlıdır. Bu gün bizim əsas məqsədimiz uşaq əməyini istismar edənlərə qarşı mübarizə aparmaq olmalıdır, çünki bu problem çox təəssüf ki, hər keçən gün ərzində bir az da daha genişlənir. Həmin problemin azalması istiqamətində hələ ki, istənilən nəticələri görmürük. Uşaq əməyini istismar edənlər kimlərdir? Onlara qarşı xüsusilə ciddi mübarizə aparmaq lazımdır. Bu problemi həll etmək, sadəcə, bu uşaqları küçələrdən yığışdırmaq deyil. Mənə elə gəlir ki, bunun mexanizmləri də qurulmalı, bu uşaqların hər birinin probleminə fərdi yanaşılmalıdır. Uşağı bu vəziyyətə gətirib çıxaran nədir? Onun bu vəziyyətindən istifadə edənlərə qarşı mübarizə aparmaq lazımdır. Yox, ortada ailənin ciddi bir problemi varsa, artıq həmin ailənin probleminin həlli istiqamətində mexanizmlər işə düşməlidir. Mən inanıram ki, bu çox önəmli qanun həyata keçirilən zaman buna xüsusi diqqət veriləcək. Bu sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün müvafiq təşkilatların  üzərinə böyük iş düşür. Biz uşaq əməyinin istismar olunmasına imkan vermədən onların normal təhsil almaları, sağlamlıqları üçün şərait yaratmalıyıq. Uşaqların həyatına təhlükə törədən fəaliyyətlərə cəlb olunmalarının qarşısını lazımi səviyyədə almalıyıq. Mən müvafiq təşkilatlarımızı  bu məsələyə  diqqətlərini daha da artırmağa çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, Ziyafət müəllim, mənə də söz verdiniz,  yazılanların hamısının diqqətlə dinlənilməsinə şərait yaratdınız. Baxmayaraq ki, bəzi fikirlər təkrarlanır və  bu layihəyə bilavasitə aidiyyəti olmayan məsələlər də səsləndirildi. Amma mən hesab edirəm ki, çox vacib bir qanun layihəsidir. Bu barədə deputat həmkarlarımız çox gözəl, maraqlı arqumentlərlə, dəlillərlə fikirlər söylədilər. Yəqin ki, biz bu qanun layihəsinə səs verəcəyik. Buna heç bir şəkk-şübhə ola bilməz.
Elə məsələ var ki, hörmətli Ziyafət müəllim, burada səslənmədi. Misal üçün, dünya təcrübəsində olan bir məsələni demək istəyirəm. Hamımızın bir məqsədimiz var ki, cəmiyyətimiz üçün yararlı gənclər, gələcək üçün ləyaqətli addım atmağa qadir olan insanlar yetişdirək. Anaların da, ataların da, cəmiyyətimizin, dövlət rəhbərinin də, dövlət rəhbərinin siyasətini ictimaiyyətlə əlaqələndirməyə cəhd göstərən qüvvələrin də məqsədi bundan ibarətdir. İndi fikirlər səsləndi, demirəm ki, haqlı və ya haqsızdır. Verilən təkliflərə Siz də gözəl şərhlər, izahatlar verdiniz. Qanunlarımızda uşaqlara qayğıdan söhbət gedir. Mən hesab edirəm ki, məhz uşaqlara qayğı olmalıdır. Burada da səsləndi, dövlətimiz də, dövlət rəhbərimiz də bu məsələlərə həmişə diqqət göstərir. Amma  dünya təcrübəsində bir məsələ var. Bu uşaqlara qayğı göstərilir, onlara dövlət vəsait verir, böyüdür. Bəs onlar cəmiyyət üçün necə yetişirlər? Dünyada artıq bu məsələ qaldırılıbdır. Qısa deyirəm,  vaxtınızı çox almaq istəmirəm. Çünki bundan sonra da qanun layihələrimiz var, bəlkə də biz məhsuldar işləsək, günün birinci yarısında layihələri müzakirə edib qurtara bilərik. Bunu işin gedişi göstərər.
Ana var ki,  dünyaya 5 övlad gətirib, digər ailədə 5 övlad böyüyür. İndi burada söylənildi, ayrı-ayrı səbəblərə görə, ailənin problemindənmi uşaqların bir qrupu küçələrdədir, cəmiyyətimiz üçün uyğun olmayan, müvafiq bilinməyən bu və ya digər fəaliyyətlə məşğuldurlar.  Uzun illər ana, ata dövlət tərəfindən təminatlar, yardımlar alıblar. Bir neçə ailəni nümunə göstərmək olar. Amma indi valideynlər islah-əmək düşərgələrinin qarşısındadırlar. Digərləri isə valideynlərinin başını uca etdiklərinə görə onunla fəxr edir,  qürur duyurlar. Dünyada belə bir təcrübə var. Belə bir ənənə olmalıdır ki, cəmiyyət üçün ləyaqətli, yararlı övlad böyüdüb verdiyinə görə valideynlərə güzəşt tətbiq olunmalıdır. Mən hesab edirəm, gələcəkdə biz bu məsələyə toxunmalıyıq, çünki dünyada bu işə çox böyük əhəmiyyət verilir. Bizə son məhsul lazımdır, nəticə lazımdır. Ona görə də biz, hörmətli Ziyafət müəllim, əgər mümkün olsa, gələcəkdə bu fikir ətrafında müzakirələr keçirərik. Mümkün olarsa, bunun da bir həlli mexanizmini taparıq. Diqqətinizə görə minnətdarlığımı bildirirəm. Yəqin, səsə qoysaq, hamılıqla bu layihəyə səs verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, hörmətli Xanhüseyn müəllim. Hörmətli deputatlar, mən hesab edirəm ki, bu qanun layihəsi ilə bağlı kifayət qədər müzakirə aparıldı. Doğrudan da, ulu öndərimizin dediyi kimi, uşaqlar bizim gələcəyimizdir və uşaqlar üçün dövlət nə lazımdırsa edir, hətta bəzən mümkün olmayanı da edir. Bizim bütün qanunvericilik aktlarımızda təsbit olunmuş uşaqların hüquq və azadlıqları ilə bağlı məsələlərin referendum yolu ilə Konstitusiya səviyyəsinə çıxarılması dövlətin uşaqlara olan qayğısı deməkdir. Burada başqa söhbət ola bilməz.
Bir məsələni də deyim. Hörmətli Siyavuş müəllim bayaq qeyd etdi. Mənim indi yadıma düşdü, bunu mən mütləq deməliyəm. Məni həmişə bir məsələ narahat edirdi və hörmətli Qənirə xanım da dəfələrlə parlamentdə bu məsələni qaldırmışdı. Uşaq evlərində uşaq böyüyür, 16–18 yaşına çatandan sonra hara getsin?
Bizim cəmiyyətdə bu bir problem idi. Bu problemin həlli yolunu bizim hörmətli həmkarımız Mehriban xanım Əliyeva tapıbdır. Bu yaxınlarda biz Nizami rayonunda 1 saylı uşaq evində olduq. Mən sizi inandırım, tam səmimi deyirəm. Çox yüksək səviyyəli uşaq evi fəaliyyət göstərir. İstər binanın özü, istər dizaynı, istərsə də maddi-texniki təchizat – hər şey yüksək səviyyədədir. Uşaq evi deyəndə fikirləşirlər ki, valideynlərsiz uşaqlara  elə-belə yanaşılır. Amma orada işləyən personal  uşaqlara öz balaları kimi baxır. Mən fürsətdən istifadə edib həmin uşaq evinin direktoru Nərminə xanımın əməyini xüsusi qeyd etmək istəyirəm.
Çox gözəl bir şərait yaradıldı. Mən maraqlandım, ondan soruşdum: “Nərminə xanım, bu uşaqların gələcək taleyi necə olacaq?” Dedi: “Ziyafət müəllim, qarşıdakı 9 mərtəbəli binanı Mehriban xanım tikdirib. Bundan sonra da uşaq evlərində bu tendensiya davam edəcək. Uşaq burada böyüyür, 11-ci sinfi bitirir və köçür 9 mərtəbəli binaya”. Hər mənzildə 2 uşaq yaşayır. Buna yataqxana da demək olmaz. Bu, mənzildir, mətbəxi, yataq otağı, qab-qacağı, hər cür təminatı var. İnanın, sizə tam səmimi deyirəm, mən özüm getdim, baxdım. Doğrudan da, bir Azərbaycan vətəndaşı olaraq sevindim ki, bu gün bizim dövlətimiz, Heydər Əliyev Fondu uşaqlara bu cür qayğı göstərir. Bir uşaq instituta daxil olacaq, digər başqa bir işlə məşğul olacaq, yəni ailə qurana qədər orada yaşayacaqlar. Ailə qurdu, artıq yeri boşalır, digər uşaqlar gələcəklər. Biz deyirik ki, Azərbaycan dövlətinin ali məqsədi insanlara ləyaqətli həyat şəraiti yaratmaqdır. Bu bizim əməlimizdir, gördüyümüz işdir, söz deyil. Yəni bizdə  Prezident, onun xanımı, bizim həmkarımız olan Mehriban xanım səviyyəsində, Heydər Əliyev Fondu səviyyəsində söz deyilirsə, buna əməl olunur.
Mən Siyavuş müəllimin dediyi sözlərə qoşuluram ki, uşaq evlərinə getmək lazımdır. Qocalar evlərinə getmək, baş çəkmək lazımdır. Nədənsə   bu evlərdə heç bir dəfə də olmayanlar uşaqların, ahılların problemlərindən danışırlar. Bu, təəssüf doğurur.
Hamınıza çox təşəkkür edirəm. Əgər etiraz yoxdursa, biz qanun layihəsini səsə qoya bilərik. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr        (saat 12.50 dəq.)
Lehinə                                           101
Əleyhinə                                          0
Bitərəf                                              1
Səs verməd                                   0
İştirak edir                                      102
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi, əleyhinə səs verilməyib. Mən belə başa düşürəm, Pənah bəy də lehinə səs verib. Çox təşəkkür edirəm.
Növbəti məsələ “Xarici investisiyanın qorunması haqqında”, “Gömrük tarifi haqqında” və “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adları çəkilən qanunlara “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar olaraq dəyişikliklər edilir. Dəyişikliklər çox qısa, texniki xarakter daşıyır. Yəni “Xarici investisiyanın qorunması haqqında” Qanunun “Sərbəst iqtisadi zonalarda xarici investisiya” bölməsinə “xüsusi iqtisadi zonalar” termini əlavə edilir. “Gömrük rüsumu haqqında” Qanuna gömrük ərazisi barədə bizim “Xüsusi iqtisadi zonalar haqqında” qəbul etdiyimiz qanunda öz əksini tapmış maddə əlavə edilir, “Şəhərsalmanın əsasları haqqında” Qanuna isə “azad iqtisadi zonaların fəaliyyəti” sözlərinin yerinə “xüsusi iqtisadi zonalar” sözləri əlavə edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bəsləsinlər.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə bağlı Pənah Hüseynə söz verilir. Buyurun.
P.Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən, əvvəla, bir məsələyə burada münasibətimi bildirmək istəyirəm. Çünki birbaşa qanun layihəsinə aid olmasa da, burada həm də şəhərsalmadan söhbət gedir. Hazırda İsveçrədə İslam dininə qarşı kampaniya kimi qəbul edilən, dünyanın əksər müsəlman dövlətləri, insan hüquqlarının müdafiəsi təşkilatları, qeyri-müsəlman ölkələrin, cəmiyyətlərin qabaqcıl nümayəndələri tərəfindən münasibət bildirilən “minarə qadağası” deyilən məsələyə Azərbaycan Respublikasının Milli Məclisi də öz münasibətini bildirməlidir. Bunun dünyada insanlar arasında dostluğa, sülhə xidmət etmədiyi, əksinə, ayrı-ayrı konfessiyalara mənsub vətəndaşlar arasında düşmənçilik hissləri yaradılmasına xidmət elədiyinə diqqəti cəlb etməlidir. Xahiş edərdim ki, Milli Məclisin rəhbərliyi Azərbaycan Respublikasının Milli Məclisində bu barədə narahatlıqların və həyəcanların səsləndirildiyi barədə müvafiq beynəlxalq təşkilatlara və İsveçrə hökumətinə, burada səfirliyi, yaxud nümayəndəliyi varsa, oraya beynəlxalq hüquqda qəbul olunmuş formada müraciət etsin. Bu, Müsavat deputat qrupunun rəsmi təklifidir. Xahiş edirik, bu, diqqətə alınsın.
İkincisi, çox əlamətdar haldır ki, bizim dediklərimizi təkzib etmək üçün, yaxud onun əleyhinə dəlillər gətirərkən, sadəcə, yalandan istifadə etməyə məcbur olurlar. Hörmətli həmkarım Ziyafət müəllim burada dedi ki, guya biz Böyük Vətən müharibəsi, Əfqanıstan veteranlarının güzəştlərini ləğv etmişik. Siyavuş Novruzov, üzr istəyirəm.
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm, Pənah bəy, bir kəlmə deyim. Mən Sizdən həmişə xahiş etmişəm ki, mahiyyəti üzrə danışın. İndi Siz danışacaqsınız. Düzdür? Sonra mən necə Siyavuş müəllimə söz verməyim? Olmadı bu. Xahiş edirəm, mahiyyəti üzrə danışaq. Xahiş edirəm, yekunlaşdırın.
P.Hüseyn. Bayramın ləğv edilməsi barədə dedikləri tamamilə yalandır, böhtandır və sübutu varsa, bunu ortaya qoysun.
Sədrlik edən. Mən də deyirəm, yalan deyil, böhtan deyil, sübutu da var, ortaya da qoyub. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr        (saat 12.55 dəq.)
Lehinə                                             88
Əleyhinə                                           1
Bitərəf                                               0
Səs verməd                                    1
İştirak edir                                       90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, artıq Azərbaycanda bir neçə ildir ki, “bir pəncərə” prinsipinin tətbiqi həyata keçirilir. İqtisadi həyatın bir çox sahələrində belə bir prinsipin tətbiqi artıq beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilir. Dünyanın bir sıra aparıcı ölkələri beynəlxalq məclislərdə Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirləri alqışlayırlar. Həmin qanunun tətbiqi ilə əlaqədar olaraq bir neçə qanunda dəyişikliklər nəzərdə tutulur.  Gömrük Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”,  “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” qanunlara müvafiq dəyişikliklər edilir. Bu dəyişikliklərdə nəzərdə tutulur ki, bütün orqanlar gömrük orqanları ilə birlikdə fəaliyyət göstərməlidirlər, yəni işlərini əlaqələndirməlidirlər. Mən vaxtınızı almaq istəmirəm. Həmin dəyişikliklər kifayət qədər aydın şəkildə sizə paylanılan sənədlərdə öz əksini tapıb. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hadi müəllim, bu qanun layihəsi sizin komitədə də müzakirə olunub. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, sağ olun. Qanun layihəsi ilə bağlı Vahid Əhmədov çıxış etmək istəyir. Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən bu qanun layihəsinə tərəfdaram, ona səs verəcəyəm. Çünki “bir pəncərə” sistemi Azərbaycan iqtisadiyyatında ilk olaraq vergi sistemində tətbiq edilib və özünün müsbət nəticələrini göstərib. Amma burada məni narahat edən bir məsələ var. Biz burada gömrük orqanlarına faktiki olaraq bir sıra dövlət orqanlarının səlahiyyətlərini veririk. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna, digər qanunlara da dəyişiklik edilir. Bunlar spesifik, xüsusi tələbləri olan sahələrdir. Yəni gömrük məntəqəsindən keçən malların keyfiyyətinə nəzarət üçün bu orqanlar orada fəaliyyət göstərirlər. İndi bu orqanların bütün fəaliyyətini biz gömrük orqanlarına verməklə daha da ciddi geriləməyə səbəb olan şərait yaratmayacağıq ki? Buna səbəb olmayacaq ki? Çünki bu orqanlarda xüsusi ixtisaslı kadrlar çalışırlar. Onlar həmin məhsulların keyfiyyətini yoxlayırlar və sonra gömrük məntəqələrində həmin keyfiyyətli məhsullarla əlaqədar müəyyən sertifikatlar, sənədlər verirlər. Bu necə yoluna qoyulacaq, necə olacaq? Qanun layihəsində bu məsələ öz əksini tapmayıb. Yən həmin buraxılış məntəqələrində bu orqanların nümayəndəlikləri ləğv ediləcəkmi, yoxsa  qalacaqmı? Bunlar Dövlət Gömrük Komitəsinə veriləcəkmi? Bu çox ciddi, yəni məhsulların keyfiyyəti ilə birbaşa əlaqəsi olan məsələdir. Bu məsələ məni narahat etdiyi üçün öz fikrimi bildirmək məcburiyyətində qaldım. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bu məsələyə aydınlıq gətirim, Vahid müəllim. Hörmətli deputatlar üçün də, yəqin, maraqlı olar. Bu yaxınlarda mən Astarada idim, seçicilərlə görüşürdüm. Orada mən bu məsələ ilə maraqlandım. Astara, bilirsiniz, keçid məntəqəsidir. Orada “bir pəncərə” sisteminin tətbiqi ilə əlaqədar baytarlıq məntəqəsi fəaliyyət göstərirdi. Bunlar hamısı struktur cəhətdən Gömrük Komitəsinin sərəncamına verilir, amma mütəxəssislər itirilmir. Mütəxəssislər hamısı isə cəlb olunublar. Lakin  “bir pəncərə” prinsipinə uyğun olaraq  struktur dəyişikliyi aparılıb. Yəni bu barədə problem olmayacaq, Vahid müəllim. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr       (saat 12.59 dəq.)
Lehinə                                           92
Əleyhinə                                         1
Bitərəf                                             0
Səs verməd                                  1
İştirak edir                                     94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, qanun layihəsi deputat həmkarlarımıza paylanıbdır. Möhtərəm Prezidentimizin imzası ilə daxil olan layihədir və bu layihəyə əsasən ödənilən, lakin iş günü hesab olunmayan bayram günlərinin biri artırılır. Təklif olunur ki, “Dövlət bayrağı günü” Azərbaycan Respublikasının Silahlı qüvvələr günündən sonra Əmək Məcəlləsinə yazılsın və bu gün bayram günü kimi qeyd olunsun. Mən hesab edirəm, çox önəmli, çox düzgün olan bir təklifdir. Azərbaycan dövlətçiliyinin ən böyük rəmzi olan dövlət bayrağına hörmət, dövlət bayrağının bu gün ölkəmizin hər yerində xüsusi qayğı ilə əzizlənməsi və bizim bütün tədbirlərimizdə önə çəkilməsi bir daha Azərbaycan dövlətçiliyinə olan hörmət və qayğıdan irəli gəlir. Mən hesab edirəm ki, bu sənədə səs vermək lazımdır.
Sədrlik edən. Sağ olun. Yazılanlar var, danışmaq istəyirlər. Nəsib Nəsibli.
N.Nəsibli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, bayraq millətin simvolu, dövlətin atributlarından biridir. Odur ki, rəsmi bayram günlərinin siyahısına Dövlət bayrağı gününün əlavə edilməsi təqdir olunası hadisədir və mən də buna müsbət səs verəcəyəm. Amma bir halda ki bu dövlət bayramları siyahısına dəyişiklik edilir, mənim də bir təklifim var. Çoxdandır ki, bu təklifi vermək istəyirdim, indi təklifləri səsləndirmək yerində olardı.
Birinci, millətimizin və dövlətimizin ən böyük bayramı 28 maydır. Amma bu bayram “Respublika günü” adlanır. 1918-ci il mayın 28-də respublika quruldu − Azərbaycan Demokratik Respublikası, o dövrün terminləri ilə desək, Azərbaycan Xalq Cümhuriyyətinin əsasları qoyuldu. Amma bu gün  millətin ilk dəfə öz istiqlalını elan etdiyi gündür və Azərbaycan tarixinə də məhz bu mənada daxil olub. Bir sıra ölkələrdə respublika günü ona görə önəmli gün sayılır ki, məsələn, Türkiyədə monarxiyadan respublika idarə üsuluna keçid olub. Keçmiş müstəmləkələr, o cümlədən Azərbaycan üçün bu gün məhz istiqlalının elan olunduğu gün kimi önəmlidir. Yəni bu gün tariximizdə “milli istiqlal günü” kimi, məncə, qeyd edilməlidir.
İkinci. Oktyabrın 18-i “Dövlət müstəqilliyi günü” kimi qeyd edilir. Bu da, məncə, tarixi hadisəni tam əks etdirmir. Bizim milli tariximizdə dövlət müstəqilliyinin elan olunduğu gün, deyildiyi kimi, 1918-ci il mayın 28-dir. Dövlət müstəqilliyinin tarixini 73 il sonraya çəkmək heç normal hadisə sayılmamalıdır. Bəs bu gün  necə adlandırıla bilər? “İstiqlaliyyətin, müstəqilliyin  bərpası günü” adlandırılsa, məncə, daha yaxşı olar.
Üçüncü. Dekabrın 31-i ən yeni tariximizin önəmli günlərindən biridir. Amma adı, məncə, o qədər də uğurlu deyil, çünki dünya azərbaycanlılarının xeyli hissəsi Azərbaycandan kənarda yaşayır və özünü azərbaycanlı saymır. Məsələn, deyir ki, mən tehranlıyam, zəncanlıyam, sarıvəlliyəm və sair. Ən gözəl ad “Azərbaycan türklərinin birlik günü” ola bilərdi. Amma “türk” sözünə çoxlarında allergiya olduğu üçün təklif edirəm ki, sadəcə olaraq, “milli birlik günü” adlandıraq.
Dördüncü. Növbəti məsələ daha çox üslub, məntiq məsələsi deyil, bioloji məsələyə aiddir. Bir az əvvəldə bu barədə söhbət oldu. Nə vaxta qədər faşizm üzərində qələbə günü kimi 9 mayı bayram etməliyik? Bu mənim şəxsi fikrimdir. Bu gün niyə bayram sayılmalıdır? Faşizm üzərində qələbə millətimizə, ölkəmizə nə verdi ki? Stalinizm, kommunizm də elə faşizmin başqa bir forması deyildi? Bu təfəkkür tərzi sovet Azərbaycanına  xas təfəkkür tərzidir. Halbuki Azərbaycan 18 ildir, dövlət  müstəqilliyini elan edib, ən vacibi isə artıq XXI əsrdir. Təəssüf ki, köhnə stereotiplərdən qopa bilmirik. Bu stereotiplərin yaşamasını təmin edən xeyli dərəcədə rəsmi təbliğatdır. Bu sözün sübutu üçün Azərbaycan televiziya kanallarında sovet quruluşunu  vəsf edən, kolxoz həyatını, yalançı inkişafı, yalançı ədaləti, yalançı  rifahı təbliğ edən filmlərin tez-tez göstərilməsini də misal çəkmək olar.
Beşinci. 20 yanvar bayramlar siyahısında yoxdur. Amma rəsmi günlər sırasında hüzn günü kimi qeyd edilir. Məncə, bu, yanlışdır. Bu gün üçün ağlamaq deyil, millət olaraq bu gündə ədalətsizliyə etiraz etməli, qəzəblənməli, təzyiqi, zoru küfr etməliyik. Qürur hissi keçirməliyik ki, həmin gün əliyalın xalq Qarabağ, Vətən azadlığı uğrunda fədakarlığa hazır oldu. Əliyalın müqavimət göstərməyə hazır oldu. Həmin gün mən də Biləcəri çökəkliyində idim və öldürülə də bilərdim. İndi qürur hissi keçirirəm və təklif edərdim ki, həmin gün “dirəniş günü” adlandırılsın.
Altıncı məsələ. Bu məsələ bir neçə dəfə qaldırılıb.   Sonuncu dəfə bunu hörmətli həmkarımız İkram İsrafil dilə gətirdi. 1918-ci il sentyabrın 15-i milli tariximizdə önəmli günlərdən biridir. Bakının bolşevik-daşnak qüvvələrindən  azad edildiyi gündür. Rəhmətlik Məmməd Əmin Rəsulzadə deyir ki, 28 mayın gerçəkləşməsi üçün 15 sentyabrın olması vacibdir. Bu gün həm də onunla önəmlidir ki, bu gün Azərbaycan türklüyü ilə Anadolu türklüyünün ən yaxın olduğu gündür. 15 sentyabr olmasaydı, istiqlal bəyannaməsi kağız üzərində qalacaqdı. 15 sentyabr olmasaydı, Anadoludan gələn mehmetcik Azərbaycan türkünün fiziki varlığını erməni, rus hərbi maşınından qorumasaydı, indi biz burada otura bilməzdik. Bir daha təklif edirik ki, 15 sentyabr günü Bakının azad edilməsi, Azərbaycan−Türkiyə dostluğu günü kimi dövlət bayramları siyahısına daxil edilsin.   Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mənim sizdən bir xahişim var. Biz bu gün 9 noyabrın Dövlət bayrağı günü kimi bayram edilməsi ilə bağlı qanun layihəsini müzakirə edirik. Yəni bütün bayramları təftiş etmək lazım deyil. Hörmətli Nəsib müəllim tarixçi alimdir. Mənim sizə qarşı çox gözəl  dəlillərim var. Dediyiniz məsələlərin heç biri ilə də razı deyiləm. Burada polemika açmaq fikrində deyiləm, çünki polemika açsaq, məsələ genişlənəcək və mahiyyət  kənarda qalacaq.
Amma bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bəli, 20 yanvar xalqımızın tarixində qəhrəmanlıq, xalqın oyanışı günüdür. Xalq dirəniş göstərdi, sübut etdi ki, bu xalqı əzmək olmaz və xalq öz müstəqilliyi yolunda ölər. Amma şəhidin gününü bayram etmək heç bir məntiqə sığmır. Müəyyən qədər hüzn günüdür. Qəhrəmanlıq günü öz yerində. Amma biz həmin gün nə qədər cavanlarımızı, alimlərimizi, ziyalılarımızı, analarımızı, bacılarımızı şəhid vermişik. Duraq bunu bayram edək? Bu da düz deyil axı. Xahiş edirəm, mahiyyətdən kənar müzakirə aparmayaq. 9 noyabrla bağlı fikirlərimizi bildirək.
Bayraq Azərbaycanın istiqlaliyyətinin, suverenliyinin, müstəqilliyinin rəsmi rəmzidir. Hər bir insanın evində bayraq olmalıdır. Bayrağın təbliği ilə bağlı ali, orta məktəblərdə, evlərdə, uşaq bağçalarında  söhbətlər aparılmalıdır, çünki bayrağımız Azərbaycanın dövlət müstəqilliyinin rəmzidir. Bizim bayrağımız bizim hər şeyimizdir. Təsadüfi deyil ki, bu il Azərbaycanda  cənab Prezidentin sərəncamı ilə Dövlət bayrağı meydanı yaradıldı. Dövlət bayrağı ilə bağlı xeyli işlər görülüb, işlər yekunlaşmaq üzrədir. Bununla bağlı belə bir sərəncam verildi ki, hər bir  Azərbaycan vətəndaşı, balası, uşağı vətənpərvərlik ruhunda böyüsün.  Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr         (saat 13.09 dəq.)
Lehinə                                             91
Əleyhinə                                           0
Bitərəf                                               0
Səs verməd                                    0
İştirak edir                                      91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqındadır. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, burada rəqəm dəyişikliyi edilir, amma bunun mahiyyəti böyükdür. Əvvəllər də  işəgötürənlə işçi arasında, sığorta edənlə sığortaçı arasında müqavilə  bağlanırdı. 5 il müddətinə bağlanan müqaviləyə görə, əgər sonradan  sığorta hadisəsi baş verirdisə, ödəmələr nəzərdə tutulurdu. Bu rəqəm 2 il müddətinə azaldılıb. Bizim Vergi Məcəlləsində də belə dəyişiklik  edilibdir. Bu bütövlükdə işçinin mənafeyinə xidmət edən addımdır. Mən hesab edirəm ki, buna səs versək, yerində olar.
Sədrlik edən. Sağ olun. Azay Quliyev, buyurun.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Mən bu dəyişikliyə səs verəcəyəm. Amma bir halda ki, söhbət sosial sığortadan gedir, bəzi fikirlərimi və təkliflərimi səsləndirmək istəyirəm. Bu gün Azərbaycanda, həqiqətən də, pensiya islahatları baxımından çox önəmli işlər görülür. Amma elə sahələr və təşkilatlar var ki, onlarla bağlı məcburi sosial sığorta sistemi bir az fərqlənməlidir. Bunlardan da biri qeyri-hökumət təşkilatıdır və qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən ayrılan subsidiyalardır. Bilirsiniz ki, cənab Prezidentin birbaşa sərəncamı ilə 2 ildir ki, Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ayırır. Keçən 2 il ərzində apardığımız monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, çox böyük də olmayan vəsaitin, yəni kiçik qrantların əmək haqqı fondunun, demək olar ki, böyük bir hissəsi sosial sığortaya cəlb olunur. Əgər nəzərə alsaq ki, məhz bu qrantların, həmin maliyyə vəsaitinin  təyinatı bilavasitə sosial yönümlüdür, məhz sosial məsələlərin həllinə daha çox istiqamətlənibdir, onda təklif edirəm ki, məhz bunun mahiyyətinə uyğun olaraq qeyri-hökumət təşkilatları 22 faiz məcburi sosial sığorta ödənişindən azad edilsin. Yəni qeyri-hökumət təşkilatları bunu ödəməsinlər. Səbəbinin birini mən dedim. Bunun təyinatı ilə bağlıdır.
Bu gün apardığımız araşdırmalara görə belə bir mənzərə ortaya çıxıbdır. Qeyri-hökumət təşkilatları məcburi halda əmək haqqı fondunu azaltmağa, kiçik rəqəmlər göstərməyə meyillənirlər.  Təsəvvür edin ki, bunun  100–200 manat əmək haqqı fondu varsa, onun 22 faizini məcburi, 3 faizini isə fərdi qaydada ödəmək zorunda qalır. Təxminən 25 manat bu cür ödənişlərə gedir. Bu birinci əsas məsələ.
Digər məsələlərdən biri də budur ki,  bununla bağlı Azərbaycanda   bir presedent də var. Bu da ABŞ-ın dövlət büdcəsindən verilən qrant vəsaitlərinin 22 faiz ödənişdən azad edilməsidir.  Buna da istinad edə bilərik. Mən təklif edərdim ki, bu qalsın. Amma, eyni zamanda, məhz Azərbaycan dövləti tərəfindən verilən qrant vəsaitlərin bu cür güzəştlərə məruz qalması  çox önəmlidir.  Mənim bu təklifim ola bilsin ki, Sosial Müdafiə Fondu tərəfindən qeyri-populyar təklif kimi qəbul edilsin. Amma hesab edirəm ki, bu, indiki məqamda çox önəmlidir.
Dünən mən hörmətli həmkarım Musa Quliyevin bununla bağlı bir fikrini mətbuatda oxudum. Musa müəllim də alternativ bir fikir təklif edir. Bu fikri də müzakirə edə bilərik. Təklif edir ki, ilk 5 ildə dövlət tərəfindən ayrılan vəsait sosial sığortaya cəlb edilməsin. Onun örnəyi kimi göstərir ki, kənd təsərrüfatı sahələrində belə  bir güzəştlər var. Bu rəqəm 22 faiz deyil, kiçik rəqəmdir. Həmin təklif də bu gün müzakirə oluna bilər. Əgər 22 faizi tam ləğv etmək mümkün olmasa, heç olmasa, ilk 5 il bundan azad edilsin, yaxud da bu ödənişlər 22 faiz deyil, 10 faizə qədər  tutulsun.  Bununla da hesab edirəm ki, biz qeyri-hökumət təşkilatlarının işini daha davamlı şəkildə təmin,  əmək haqqı fondundan daha səmərəli istifadə edə bilərik və qarşıya qoyulan məqsədə daha effektiv şəkildə çata bilərik. Dövlətimiz qeyri-hökumət təşkilatlarına kifayət qədər münbit şərait yaradıbdır, maddi, hüquqi cəhətdən onlara hər cür dəstək verir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq  daha doğru olar. Bir məsələni də unutmamalıyıq. Əmək haqqı fondundan digər tutmalar da olur, 14 faizdən başlayaraq gəlir vergisi tutulur və bütövlükdə  əmək haqqı fondunun 40 faizə yaxın bir hissəs bu cür ödənişlərə gedir.
Hörmətli Ziyafət müəllim, mən bu təklifi qaldırmaqla  düşünürəm ki, Milli Məclisin müvafiq komitəsi gələcəkdə həmin məsələyə baxa bilər. Əgər imkan olsa, bu məsələni dəyərləndirə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr        (saat 13.15 dəq.)
Lehinə                                            91
Əleyhinə                                          0
Bitərəf                                              0
Səs verməd                                   1
İştirak edir                                      92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov. 
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Sizin, artıq dediyiniz kimi, 3 qanuna  iki texniki, üslub düzəlişi edilir, bir də yeni xüsusi bir anlayış artırılır. İnzibati Xətalar Məcəlləsində xüsusi normalara uyğun olmayaraq hazırlanmış nüsxələri biz “kontrafakt nüsxələr” adlandırmışıq. Amma son zamanlar bizim dilimizdə bu sahədə, eləcə də işgüzar dairələrdə, hüquq, rəsmi dildə bunun əvəzinə “pirat nüsxələr” sözləri daha geniş yayılıb. Ona görə təklif olunur ki, həm İnzibati Xətalar Məcəlləsində,  həm də “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”  Qanunda  “kontrafakt” sözünün əvəzinə “pirat” sözü işlədilsin.
“Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunda  “xüsusi qorunma hüququ” adlı anlayış var. “Xüsusi qorunma  hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və qismən şəklində” sözləri yazılıb. Bunun əvvəlinə “müəllimlik hüququ” sözləri artırılsın. Yəni müddəada “müəllimlik hüququ” və  “xüsusi qorunma hüququ” anlayışlarının hər ikisi olsun. Məlumat topluları indi xeyli dərəcədə yalnız normativ məlumatları əks etdirmir, həm də xeyli dərəcədə müəlliflik hüququ ilə bağlıdır. Müəllifin hazırlanma prosesində hansı üslubu, hansı subyektiv cəhəti götürməsi ilə bağlıdır. Çünki məlumat topluları arasında da fərqlər var. Eyni zamanda, məlumat toplularının hazırlanmasında müəllifin hansı məlumatları, nə dərəcədə  toplaması,  işləməsi istər-istəməz müəllimlik anlayışını ortaya gətirir.  Texniki düzəlişlərdir.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibət bildirək. 

Səsvermənin nəticələr        (saat 13.19 dəq.)

Lehinə                                          90
Əleyhinə                                        0
Bitərəf                                            0
Səs verməd                                 0
İştirak edir                                    90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə.  Hörmətli deputatlar, məlumat üçün bildirim ki, bu qanun layihəsi ilə əlaqədar bizim iclasda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və həmin bankın Hüquq departamentinin müdiri Rəna Məlikova iştirak edirlər. Əgər suallarınız olsa, müraciət edə bilərsiniz.
Z.Səmədzadə. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün ikinci oxunuş üçün sizin müzakirənizə təqdim olunmuş Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının qanun layihəsi günümüzün reallığı ilə səsləşir. Bildiyiniz kimi, ölkəmizdə belə təşkilatlar fəaliyyət göstərməkdədirlər. Hazırda Azərbaycanda donor təşkilatlar tərəfindən maliyyələşdirilən 18 bank olmayan kredit təşkilatı lisenziya əsasında fəaliyyət göstərir. Bu təşkilatlardan üçü −  “Naxçıvan Kredit” MMC, “Viator Mikrokredit Azərbaycan” MMC və “Azəristar Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda yerləşir.
Bank olmayan kredit təşkilatlarının maliyyə göstəriciləri və kredit qoyuluşları ildən-ilə artır. Belə ki, məcmu aktivləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz artaraq 183,8 milyon manata çatmış, məcmu kredit qoyuluşu isə 28,5 faiz artaraq 153,4 milyon manat olmuşdur. Verilmiş kreditlər, əsasən, istehlak kreditlərindən və sahibkarlıq fəaliyyətinə verilən kiçik məbləğli kreditlərdən ibarətdir. Bu gün ölkənin 61 rayonunda fəaliyyətini həyata keçirən bank olmayan kredit təşkilatları 160 mindən çox müştəriyə xidmət göstərir. Hal-hazırda bank olmayan maliyyə institutlarında 1400 nəfərdən artıq yerli mütəxəssis çalışır.
Müzakirələr zamanı qeyd olundu ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı, məşğulluq strategiyası, ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə təsdiq etdiyi dövlət proqramlarında alternativ maliyyə mənbələri sahəsində fəaliyyətin canlanması kimi tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində son illər ərzində bankların regional filial şəbəkəsi xeyli artmış, Azərbaycanın bir çox şəhər və rayonlarını əhatə etmişdir. Lakin buna baxmayaraq, yenə də bankların əhatə etmədiyi “borcalanlar” kateqoriyası vardır ki, bu hallarda məhz alternativ kredit xidmətlərinin göstərilməsinə ehtiyac yaranır. Lakin indiyədək həmin sahəni tənzimləyəcək qanunvericilik bazası yaradılmamışdır. Bu isə maliyyə bazarında müəyyən boşluqların yaranmasına səbəb olur. Onu da qeyd edək ki, dünya təcrübəsində ilk dəfə olaraq “Mikromaliyyə təşkilatları haqqında” Qanun 2000-ci ildə Bosniya və Herseqovinada qəbul edilmişdir. Bundan sonra MDB məkanında bir çox respublikalarda belə qanun qəbul edilmişdir.
Qanun layihəsinin birinci oxunuşundan sonra sənədin təkmilləşdirilməsi, bu növ kredit təşkilatlarının fəaliyyətinin hüquqi bazasını daha da möhkəmlətmək məqsədi ilə İqtisadi siyasət komitəsinin tövsiyəsi ilə Mərkəzi Bank, bank olmayan kredit təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Bu sahədə Azərbaycana dəstək verən beynəlxalq təşkilatlarla da, yəni USAID, Beynəlxalq Maliyyə Korporasiyası ilə işgüzar müzakirələr aparılmışdır.
Bildirmək istəyirəm ki, birinci oxunuşdan sonra qanun layihəsində 60-a yaxın redaktə xarakterli dəyişikliklər edilmiş, bir maddə isə tamamilə çıxarılmışdır. Bundan əlavə, mətbuatda qanun layihəsinin mahiyyəti, məqsədi və vəzifələri barədə maraqlı informasiyalar, millət vəkilləri tərəfindən müsahibələr verilmişdir. Bu tədbirlər içərisində oktyabr ayının 7-də keçirilən mikromaliyyələşmə problemlərinə həsr olunmuş və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi konfransı xüsusilə qeyd etmək istərdim. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvlərinin iştirak etdiyi bu konfransda tədbir iştirakçılarına qanun layihəsinin məqsədi və prinsipial müddəaları barədə ətraflı məlumat verildi.
Bir daha vurğulamaq istərdik ki, 26 maddədən ibarət olan qanun layihəsinin əsas məqsədi əhalinin, xüsusilə regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, kiçik sahibkarlığın dəstəklənməsinə, məşğulluğun təmin olunmasına və yoxsulluğun daha da azaldılmasına əhəmiyyətli dərəcədə yardım edən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi və bu əsasda Azərbaycanda mikromaliyyə sektorunun dəstəklənməsidir.
Qanun layihəsinin müzakirəsində fəal iştirak etdiklərinə görə Çingiz Əsədullayevə, Xanhüseyn Kazımlıya, Vahid Əhmədova, Əli Məsimliyə, Nazim Məmmədova təşəkkür edirəm. Həqiqətən, İqtisadi siyasət komitəsində adlarını çəkdiyim deputatların iştirakı ilə Mərkəzi Bankın rəhbər işçiləri arasında çox işgüzar danışıqlar apardıq və bir sıra məsələlərdə artıq qanun layihəsinin təkmilləşdirilməsi baxımından konsensusa nail olduq.
İlkin olaraq layihədə bu təşkilatlar “mikromaliyyə təşkilatları” kimi ifadə olunsa da, layihə üzrə müzakirələr zamanı onların “bank olmayan kredit təşkilatları” adlandırılması daha məqsədəuyğun hesab edilmişdir. Belə ki, hazırda Azərbaycanın bank xidmətləri bazarında fəaliyyət göstərən bəzi banklar da mikromaliyyə xidmətlərini təklif edirlər. Ona görə bu təşkilatların  qanunvericilikdə məhz “bank olmayan kredit təşkilatı” kimi tanınması onların banklardan fərqli fəaliyyətlə məşğul olmalarını və statusunun da fərqli olduğunu ifadə edir.
Digər tərəfdən, “mikromaliyyə təşkilatı” anlayışı verilən kreditlərin məbləğ və limitləşdirilməsini də tələb edə bilər ki, bu da maliyyə xidmətləri bazarında məqbul deyildir. Qanunda bazar iqtisadiyyatı şəraitində limitlərin müəyyənləşdirilməsi əvəzinə verilən kreditlərin maksimal məbləğinin riskdən qorunmaq üçün tənzimləmə çərçivəsində müəyyən edilməsinə üstünlük verilmişdir. Çünki iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, bu xidmətlərin istehlakçılarına bir məbləğ tələb olunursa, bir qədər sonra artıq həmin məbləğ sahibkarlığın inkişafına dəstək verə bilmir. Ona görə də mikromaliyyə xidmətlərinin göstərilməsi bank olmayan kredit təşkilatların daxili siyasətinə və bazar tələbatına uyğun olaraq həyata keçirilməsi daha məqsədəuyğun hesab edilir. Təcrübə də göstərir ki, hazırda bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlərə heç bir qanunvericilik limiti təyin edilməsə də, faktik olaraq, verilmiş kreditlərin 72 faizi 10 min manatdan aşağı məbləği təşkil edən mikrokreditlərdən ibarətdir.
Edilmiş dəyişikliklər nəticəsində 3.2-ci maddə aşağıdakı redaktədə verilir: “Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər”.
3.4-cü maddəyə edilən dəyişiklik isə aşağıdakı kimidir: “BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının miqdarı BOKT ilə borcalan (xidmətlərin istifadəçiləri) arasında bağlanılan müqavilə ilə müəyyən olunur”.
10.2-ci maddə aşağıdakı redaktədə verilmişdir: “Fəaliyyətini girov əmanəti qəbul etmək hüququ ilə həyata keçirmək üçün BOKT-un lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Bu icazə olmadan BOKT-un girov əmanəti qəbul etməsi qadağandır”.
Daha bir dəyişiklik isə 17.4-cü maddədə nəzərdə tutulmuşdur. Dəyişiklik nəticəsində maddə aşağıdakı şəkildə verilir: “Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və sair) əks olunmalı və  hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, ona təqdim edilməlidir”.
Qanunla bank olmayan kredit təşkilatlarının yaradılması, Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılması və fəaliyyətləri üzərində riskdən qorunmaq üçün nəzarət tədbirləri tənzimlənir. Bank olmayan kredit təşkilatlarının istənilən təşkilati, hüquqi formada fəaliyyət göstərməsi nəzərdə tutulur. Hörmətli deputat həmkarlarımın bununla əlaqədar olaraq iradları nəzərə alınaraq 5.1-ci maddəyə aşağıdakı məzmunda əlavə edilmişdir: “Qeyri-kommersiya BOKT-ları yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici dövlətlər tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ları kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər”.
Bəziləri narahatlıqla bildirirlər, çalışmaq lazımdır ki, bank olmayan kredit təşkilatları resurs topladıqdan sonra banklara çevrilməsinlər. Bu məsələ də komitədə ciddi müzakirə olunub. Qeyd edək ki, qanun layihəsi bunun üçün əsas yaratmır və həmin təşkilatların bank olması üçün yeni lisenziya almaları lazımdır. Digər tərəfdən, bank olmayan kredit təşkilatları əhalidən depozitə pul cəlb edə bilməzlər və pul köçürmələrini həyata keçirmək hüququna malik olmadıqlarından bank təşkilatı kimi fəaliyyət göstərə bilməzlər.
Müzakirələr zamanı bir daha qeyd edildi ki, bank olmayan kredit təşkilatları müxtəlif növ kreditlər, pul formasında təminatlı və təminatsız kreditlər, qarantiya verə bilər, habelə sığorta agenti xidmətlərini, borcalanlara maliyyə-texniki məsələlər üzrə məsləhət xidmətlərini göstərə bilər. Onlar depozit, hesablaşma və pulköçürmə əməliyyatlarını həyata keçirə bilməzlər.
Komitədə, eləcə də mütəxəssislərlə görüşlər zamanı aşağıdakı məsələ də müzakirə obyekti oldu. Söhbət bank olmayan kredit təşkilatlarının fəaliyyətinin, xüsusilə kredit əməliyyatlarının şəffaflığının təmin edilməsi məqsədi ilə qanunda borcalanların məlumatlandırılmasına dair müvafiq tələblərin müəyyən edilməsindən gedir. Belə ki, bağladıqları kredit müqaviləsində digər şərtlərlə yanaşı, kreditin müddətindən asılı olmayaraq,  borcalanın kredit alarkən əlverişli və düzgün seçim edə bilməsi üçün kredit üzrə illik faiz göstərilməlidir.    
Müzakirələr zamanı millət vəkilləri çox haqlı olaraq bildirdilər ki, bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faizlər yüksəkdir və bunun tənzimlənməsinə ehtiyac vardır. Bəzi mütəxəssislər bildirdilər ki, bu təşkilatlar bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərdiyindən faizləri tənzimləyən bazarın özüdür. Bu, səhv fikirdir. Biz hesab edirik ki, faiz dərəcələri aşağı salınmalı və bu məsələdə daxili resursların imkanlarından daha geniş istifadə olunmalıdır. 
Qanun layihəsinin 15.1-ci və 16.2-ci maddələrində də prinsipial dəyişikliklər edilmişdir. 15.1-ci maddədə edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur: “...BOKT tərəfindən verilən kreditlər daşınar və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.” 16.2-ci maddədə edilən dəyişiklik isə aşağıdakı redaktədə verilmişdir: “Xarici ölkələrin hökumətləri və donorlar tərəfindən qrant şəklində verilən vəsaitlər və onlardan əldə olunan gəlirlər BOKT-lar tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır”.  Bu, prinsipial məsələdir. Bu barədə Mərkəzi Bankın nümayəndələri ilə İqtisadi siyasət komitəsində xeyli müzakirələr aparıldı. Yenə hesab edirik, bu qanun bir daha təkmilləşdirilməlidir ki, ölkənin milli maraqları qorunsun. 
Bir daha vurğulamaq istəyirəm ki, bu qanunun qəbulu ölkəmizin maliyyə-bank sisteminin inkişafına, əhalinin maliyyə resurslarına çıxışının yaxşılaşmasına xidmət etmiş olacaq. Çıxışımın sonunda bütün millət vəkillərini qanun layihəsini dəstəkləməyə dəvət edirəm.
Bu bizim reallığımızdır. Hazırda Azərbaycan cəmiyyətində çoxməqsədli, strateji proqramlar həyata keçirilir. Eyni zamanda, mikromaliyyələşdirmə, yəni bank olmayan kredit təşkilatlarının da fəaliyyətinə ehtiyac var. Bu qanun layihəsini dəstəkləməyimiz Azərbaycanda əhalinin maliyyə çıxışlarına imkanlarını artıracaq. Millət vəkillərindən bir daha bu qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildirmələrini xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hörmətli deputatlar, qanunvericiliyə görə bu qanun layihəsini müzakirəyə çıxarmazdan əvvəl ikinci oxunuşda əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr       (saat 13.33 dəq.)
Lehinə                                           97
Əleyhinə                                         0
Bitərəf                                             0
Səs verməd                                  0
İştirak edir                                     97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Mənim qanun layihəsi ilə bağlı bir neçə iradım var, bunları səsləndirmək istəyirəm. Ümumiyyətlə, bu qanunu çox aktual və hələ bir qədər də gecikmiş hesab edirəm. Çünki indiki bazar iqtisadiyyatı sistemində mütləq alternativ variantlar olmalıdır ki, insanlar sadə, daha rahat yolla iqtisadi münasibətləri tənzimləyə bilsinlər. Mən konkret maddələr üzrə fikirlərimi söyləmək istəyirəm.
Layihənin 1.0.5-ci maddəsində “aidiyyəti olan şəxslər” anlayışı verilibdir, burada bir nöqsan var. Burada övladlığa götürülən  övlada bərabər tutulur. Amma valideyn nəzərdə tutulsa da, övladlığa götürən nəzərdə tutulmur. Məncə, övladlığa götürənin buraya daxil edilməsi vacibdir ki, bütün hallarda  bərabərlik əksini tapsın. Övlad üçün nəzərdə tutulursa, eyni zamanda, valideyn üçün də nəzərdə tutulan bərabərliyi qorumalıyıq.
Layihənin 5.2-ci maddəsində bank olmayan kredit təşkilatları iki növə ayrılır. Biri girov əmanəti qəbul etmək hüququ olan bank olmayan kredit təşkilatları, biri də belə hüququ olmayan kredit təşkilatlarıdır. Birinin girov qəbul etmək hüququ saxlanılır, ikincinin isə belə bir hüququ tanınmır. Amma bunların layihədə “müxtəlif hüquqlu bank olmayan kredit təşkilatları”  anlayışı verilmir. Bu, aydın olmur. Təbii ki, məzmundan bunu başa düşmək olar, amma qanunun dəqiqliyi baxımından  bunların anlayışını vermək vacibdir. Məsələn, burada hansı problemlər ortaya çıxa bilər? Tutaq ki, biri verdiyi kreditin ödənilməsini girovla təmin edə bilir. Digər girov götürmək,  girov əmanət almaq, qəbul etmək hüququ  olmayan bank olmayan kredit təşkilatları verdikləri kreditin ödənilməsini necə təmin edəcəklər? Burada boşluq qalır. Qanunun dəqiqliyini təmin etmək baxımından hər iki növün qanunvericilik anlayışı aydın şəkildə verilməlidir.
Layihənin 8.2-ci maddəsində bank olmayan kredit təşkilatlarının inzibatçıları üçün istənilən ali təhsilə və ən azı bir il istənilən sahədə iş təcrübəsinə malik olmaları tələbi qoyulur.  Mühasibat xidmətinin rəhbərinə isə ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı birillik iş təcrübəsinə malik olmaq tələbi irəli sürülür. Layihənin 1.0.4-cü maddəsinə diqqət etsəniz, görərsiniz ki, mühasibat xidmətinin rəhbəri də inzibatçılar sırasına daxil edilmişdir. Onun haqqında fərqli tələbin müəyyən edilməsi qanunu diqqətlə araşdıranda anlaşılmazlıq yaradır. Ona görə də hesab edirəm ki, mühasibat xidməti mahiyyətcə inzibati xarakter daşımadığından onun rəhbəri inzibatçılar sırasından mütləq çıxarılmalıdır.
Nəhayət, çox ciddi, insan hüquqlarını məhdudlaşdıran məsələlərdən biri 8.3-cü maddədə əksini tapır. Burada göstərilir ki, qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər bank olmayan kredit təşkilatlarının inzibatçıları ola bilməzlər. Məncə, sovet dövründən qalan bu cür məhdudiyyəti biz davam etdirməməliyik. Tamah məqsədi ilə qəsdən cinayət törətmiş məhkumluğu olan şəxsləri bu kateqoriyaya aid  etməyimiz daha düzgün ola bilər. Başqa kateqoriyadan olan şəxs qəsdən bir cinayət törətsə də, dürüst adamdır, cəmiyyətdəki imici də mənfi deyil, kimisə aldatmayıb,  haram yollarla kiminsə pulunu mənimsəməyibdir. Bu adamın məhkumluğu var deyə, inzibatçılar sırasından çıxarılması yanlışdır. Ona görə də təklif edirəm ki, burada tamah məqsədi ilə qəsdən törədilmiş cinayətə görə məhkumluğu olan şəxslərin göstərilməsi daha düzgün olar və digər təşəbbüskar insanların da fəaliyyəti məhdudlaşdırılmaz. Əsas iradlarım bundan ibarətdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Fazil müəllim. Nazim Məmmədov.
N.Məmmədov. Çox sağ olun, Bahar xanım. Mən qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımı səs verməyə çağırıram. Çıxışlarda da qeyd olundu, hörmətli komitə sədri də,  Fazil müəllim də qeyd etdi, qanun bir az gecikmişdir. Bir az gecikmiş qanun olduğunu nəzərə alaraq, hörmətli həmkarlarımızdan xahiş edərdim, bu qanun layihəsini üçüncü oxunuşda qəbul edək və bununla da yekunlaşdıraq. Məndən sonra yazılan hörmətli komitə üzvləri də mənim fikrimi dəstəkləyəcəklər. Kredit bazarında olan situasiya indiki vəziyyətdə Azərbaycanın  potensialına tam uyğun deyil. Hesab edirəm ki, işgüzar fəaliyyəti daha da artırmaq,  həm də istehlak bazarında olan münasibətləri tənzimləmək üçün, həqiqətən, bu qanun çox vacibdir.  Tez bir zamanda qəbul olunmasını xahiş edərdim. Çox  sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Qanun layihəsinə mənim elə bir iradım yoxdur. Amma məlumat üçün bildirmək istəyirəm ki, bu qanun layihəsi qəbul olunmasa da, Azərbaycanda qeyd olunduğu kimi, artıq 18-ə yaxın mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Bunların da əksər hissəsi, yəni 15-ə yaxını xarici maliyyə mənbələri hesabına formalaşıb. Bunların dövriyə vəsaiti 200 milyona yaxındır. Bu qanun 260−270 min əhalini əhatə edəcəkdir.
Qanun layihəsinin komitədə müzakirəsi çox ciddi keçirilib. Verdiyimiz təkliflər Mərkəzi Bank tərəfindən qəbul edilib. Mən Mərkəzi Bankın İdarə Heyətinin üzvü Alim müəllimə, Rəna xanıma öz minnətdarlığımı bildirirəm. Burada girov əmanəti ilə əlaqədar çox ciddi bir məsələ ortaya çıxmışdı. Fazil müəllim də bu məsələyə toxundu. Girov əmanəti yalnız pul vəsaiti şəklində qoyula, yəni kredit almaq istəyən insan yalnız pul vəsaiti ödəməklə bu prosesdə  iştirak edə bilərdi. Nəhayət, 15-ci maddə buraya əlavə olundu. Yəni daşınar və daşınmaz əmlakı girov qoymaq vasitəsi ilə insanlar kredit götürə bilərlər. Bu institutun Azərbaycanda fəaliyyətinə çox böyük ehtiyac var. Bu qanunun tez qəbul olunması Azərbaycan iqtisadiyyatına yalnız müsbət təsir göstərəcəkdir. Ona görə də bu qanun layihəsinin qəbul olunmasını təklif edirəm. 
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Ziyad müəllim qanun layihəsi haqqında kifayət qədər geniş məlumat verdi. Qanun layihəsi oktyabr ayında ikinci oxunuşda qəbul oluna bilərdi. Niyə indiyə qədər bu qanun layihəsi qəbul edilməyib? Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm ki, gələn dəfə belə prosedurlarda prosesi bu qədər gecikdirməyə ehtiyac olmasın. Söhbət nədən gedir? Birinci oxunuşda, əgər siz sənədləri qaldırıb baxsanız, bu qanunun nə qədər vacib olduğunu qeyd etmişik, qanun layihəsi ilə bağlı kifayət qədər təriflər demişdik, eyni zamanda, bildirmişdik ki, burada prinsipial məqam var, yəni əhalinin aztəminatlı hissəsi bilavasitə bu kreditləri alır. Ona görə də bu qanun kifayət qədər aydın, sadə və anlaşıqlı olmalıdır.
Bu nöqteyi-nəzərdən ən prinsipial məsələdən 15.1-ci maddədə bəhs edilirdi. Burada kredit alan zaman girov əmanətinin qoyulması və qoyulmamasından  söhbət gedirdi. Aydındır ki, inkişaf etməkdə olan ölkələrdə girov əmanəti məsələsi var. Bunun Azərbaycana tətbiqi bir tərəfdən yenilikdir, digər tərəfdən isə “Banklar haqqında” Qanunda da dəyişiklikləri tələb edir. Amma vacib məsələ nədir?  Demək, 2000 manat kredit alanda 1000 manat, yaxud da onun yarısı qədər girov əmanəti qoyulmalıdır. Burada bir məntiqsizlik var idi. Əgər mənim 1000 manatım varsa, elə 1000 manatla işə başlayaram, sonra isə vəziyyəti düzəltmək üçün əlavə tədbirlər görərəm. Ona görə də bizim 15-ci maddə ilə bağlı təklifimiz prinsipial xarakter daşıyırdı. Ya girov əmanətləri məsələsi bu qanun layihəsindən çıxarılmalı idi, ya da girov əmanətləri həmin girov qoyulmanın bir növünə çevrilməli idi.
Bundan əlavə, daşınar və daşınmaz əmlak da buraya əlavə edilməlidir. Çünki Azərbaycanın bu sahədə yaxşı praktikası var. Ümumiyyətlə, Azərbaycanda problemli kreditlər təxminən 3,6−4 faiz səviyyəsindədirsə,  mikrokredit sahəsində isə problemli kreditlər olsa-olsa bir faiz səviyyəsindədir. Baxmayaraq ki, faiz dərəcəsi yüksəkdir, amma burada mexanizm kifayət qədər səlis qurulduğuna görə yaxşı işləyir. Əgər yaxşı işləyirsə, deməli, bunu daha da təkmilləşdirməkdən ötrü əlavə maneəyə ehtiyac yox idi.
Ona görə də bizim prinsipial mövqeyimiz bundan ibarət idi ki, 15-ci maddə dəyişdirilsin və dəyişdirildi. Nəticədə həmin maddədə “BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər” sözlərindən sonra “BOKT tərəfindən verilən kreditlər daşınar və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər” cümləsi artırıldı. Mən hesab edirəm ki, bununla da artıq qanunvericilik sənədində irəliyə doğru kifayət qədər addım atıldı. Bu problem aradan qalxandan sonra isə həmin layihəni qəbul etmək mümkündür, vacibdir. Bu qanunu nə qədər  tez qəbul etsək, kiçik kreditlər alanlar üçün hüquqi baza yaratmış olarıq. Ona görə də bu qanun layihəsinin qəbul olunmasını zəruri hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif var? Hesab edirəm ki, səslənən fikirlər, təkliflər layihənin üçüncü oxunuşuna qədər nəzərə alınacaq, Ziyad müəllim. Ona görə, xahiş edirəm, münasibət bildirək. Üzr istəyirəm. Bu qanun layihəsini biz fəsil-fəsil səsə qoymalıyıq, sonra da ümumilikdə. Xahiş edirəm, I fəsillə bağlı səs verəsiniz.

Səsvermənin nəticələr       (saat 13.45 dəq.)
Lehinə                                           84
Əleyhinə                                         1
Bitərəf                                             0
Səs verməd                                  0
İştirak edir                                     85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, II fəsilə münasibət bildirək.


Səsvermənin nəticələr         (saat 13.46 dəq.)
Lehinə                                             91
Əleyhinə                                           0
Bitərəf                                               0
Səs verməd                                    1
İştirak edir                                       92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
III fəsilə münasibət bildirin.

Səsvermənin nəticələr           (saat 13.46 dəq.)
Lehinə                                               93
Əleyhinə                                             0
Bitərəf                                                 0
Səs verməd                                      0
İştirak edir                                         93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, IV fəsilə münasibət bildirək.

Səsvermənin nəticələr               (saat 13.47 dəq.)
Lehinə                                                   94
Əleyhinə                                                 0
Bitərəf                                                     0
Səs verməd                                          0
İştirak edir                                             94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
V fəsilə münasibət bildirin.

Səsvermənin nəticələr               (saat 13.47 dəq.)
Lehinə                                                   95
Əleyhinə                                                 0
Bitərəf                                                     0
Səs verməd                                          0
İştirak edir                                             95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Axırıncı, VI fəsilə münasibət bildirək.

Səsvermənin nəticələr                 (saat 13.48 dəq.)
Lehinə                                                     96
Əleyhinə                                                   0
Bitərəf                                                       0
Səs verməd                                            0
İştirak edir                                               96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr                 (saat 13.48 dəq.)
Lehinə                                                     93
Əleyhinə                                                   0
Bitərəf                                                       0
Səs verməd                                            0
İştirak edir                                               93
Nəticə: qəbul edildi

Müəyyən təkliflər oldu. Ziyad müəllim  özü də təklif etdi, həmin təklifləri növbəti iclaslarda, üçüncü  oxunuşda qəbul edərik.
Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyin axırıncı məsələsi “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsi barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət xanım Aslanova məlumat verir. Bu qanun layihəsi ilə əlaqədar hörmətli deputatlar, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov və Miqrasiya Xidmətində şöbə müdiri Vəfa xanım Əsədova iclasda iştirak edirlər. Əgər suallarınız olsa, müraciət edə bilərsiniz. Buyurun.
R.Aslanova,  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamə təqdim olunur. Bu Əsasnamə əvvəl qəbul olunmuş sənədlərin məntiqi davamıdır. Hər birimiz çox gözəl bilirik ki, ayrı-ayrı insanların və bütöv cəmiyyətlərin miqrasiyası müasir sivilizasiyanın xarakterik xüsusiyyətidir. Miqrasiya yeni keyfiyyətlər yaradır və cəmiyyətimizin yeni simasını formalaşdırır.
Ötən əsrin 1990-cı illərində ulu öndər Heydər Əliyevin başçılığı altında Azərbaycan dövlətçilik tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başladı. Həmin dövrdən miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər Azərbaycanda miqrasiyanın idarə olunmasının uzunmüddətli perspektivləri üçün milli strategiyanın müəyyənləşdirilməsi və günümüzdə həmin xəttin yüksək səviyyədə davam etdirilməsinə imkan verdi. Miqrasiyanın tənzimlənməsi sahəsində dövlət siyasəti ilk növbədə milli maraqlara uyğun həyata keçirilir. 2003-cü ildən bəri miqrasiya siyasəti sahəsində həyata keçirilən dövlət kursunun, Azərbaycan tarixində əvvəllər rast gəlinməyən konseptual sənədlərin, miqrasiyanı idarə edən xüsusi dövlət qurumunun yaradılması, ölkədə bu proseslərə nəzarəti tənzimləyən miqrasiya infrastrukturunun formalaşdırılması, dünya standartlarına uyğun peşəkar kadr korpusunun yetişdirilməsi müstəqil dövlətimizin əldə etdiyi uğurlardandır.
Məlum olduğu kimi, respublika Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” adlı sənəd bu sahənin gələcək inkişaf istiqamətlərini əks etdirirdi. 2007-ci il tarixli fərmana əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. Artıq 2 ildən çoxdur ki, bu miqrasiya xidməti fəaliyyət göstərir və sözsüz, onun həyata keçirdiyi məsələlər, vəzifələr Azərbaycanda miqrasiya siyasətinin daha da inkişaf etdirilməsinə yönəlmişdir. Əsasən hansı vəzifələr yerinə yetirilir? İlk növbədə miqrasiya prosesindən ölkənin inkişafı üçün səmərəli istifadə edilməsi, miqrasiya proqramlarının həyata keçirilməsində dövlət, cəmiyyət və insanların mənafelərinə riayət edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması, miqrantların hüquqlarının müdafiəsi və miqrasiya sahəsində kadr hazırlığı.
Söyləyim ki, bu gün dünyada miqrasiya siyasətinin iki strateji xətti mövcuddur. Bunlardan birincisi miqrantların gəlişinin məhdudlaşdırılması və daha sərt qaydaların gündəmə gətirilməsidir. Açığı, İngiltərə dövləti bu günə qədər də məhz belə sərt qaydalar qoyur və ölkəyə gələn miqrantlara  bir selektiv münasibət nümayiş etdirir. Digər bir yol isə liberal yoldur. Bu yolda, əsasən, miqrant axınlarının cəlb edilməsində dövlət özü maraqlıdır və bunu stimullaşdırır. Lakin bu gün artıq dünyada yeni model də mövcuddur. Bu isə hər ikisinin sintezidir. Zənnimcə, bu üçüncü yolu seçmək, yəni selektiv yolu seçmək Azərbaycan dövləti üçün xüsusilə vacib olardı.
Azərbaycanda milli miqrasiya siyasətinin müəyyənləşdirilməsi və bu günə gəlib çatması bir neçə məntiqi mərhələlərdən keçmişdir ki, bu məntiqi mərhələlərin də səsləndirilməsi məhz təsdiq edəcəyimiz Əsasnamənin ruhuna uyğun gəlir. Bunlardan birincisi nədir? Birincisi, miqrasiya siyasətinin başlıca olaraq hansı məqsəd naminə həyata keçirilməsi; ikincisi, miqrasiya siyasətinin məqsədlərinin həyata keçirilməsini əks etdirən sənədlərin ortaya qoyulması, hüquqi bazanın yaradılması və sözsüz ki, institusional administrativ qurumun fəaliyyəti üçün bütün sənədlərin hazırlanmasıdır. Məhz belə bir qurumun gələcək fəaliyyətini təmin etmək üçün biz bu Əsasnaməni müzakirə edirik. Çünki Əsasnamə, miqrasiya orqanlarında qulluq keçmənin əsas prinsipləri olmadan bu qurum fəaliyyət göstərə bilməz,  biz həmin qurumdan istədiyimiz, tələb etdiyimiz problemlərə cavab ala bilmərik.
Əsasnamə sizlərə paylanılıb, orada olan müddəalar, istər ümumi müddəalar, istərsə də miqrasiya orqanlarında qulluğa qəbul, işçilərin vəzifəyə təyini, vəzifədən azad edilmələri, burada işləyən işçilərin hüquqlarının müdafiəsi, əsas şərtlər və nəhayət, onların həvəsləndirilmələri fəaliyyətlərinə xitam verilmələri kimi məqamlar Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununda olan müddəalarla üst-üstə düşür. Bu yeni bir Əsasnamədir, yeni bir qurumdur. Ancaq deyim ki, bu qurum hüquq mühafizə orqanları sisteminə daxil olduğu üçün hüquq mühafizə orqanlarında olan əsasnamənin müəyyən müddəaları burada öz əksini tapır. Hesab edirəm ki, bu qurumda işə başlayan hər bir şəxs ilk növbədə Azərbaycanın maraq və mənafelərini hər şeydən yüksək tutacaq, Azərbaycanın milli təhlükəsizliyinin qorunması üçün öz fəaliyyətini ortaya qoyacaq və anlayacaq ki, Azərbaycan adlı məmləkətin varlığını qorumaq üçün təkcə sərhədləri qorumaq deyil, Azərbaycana gələn hər bir emiqrantın harada olması, nə etməsi, Azərbaycan naminə və yaxud Azərbaycanın əleyhinə çalışması ilə maraqlanmaq lazımdır. Bu kimi məsələləri diqqət mərkəzində saxlayacaq.
Prezidentimiz cənab İlham Əliyev söyləmişdir: “Azərbaycana gələn miqrantların sayı artacaq”. Bu gün də Azərbaycan dünyanın müxtəlif ölkələri və miqrantlar üçün çox cəlbedici bir ölkədir. Ona görə də biz Azərbaycanda miqrasiya ilə bağlı qarşılaşa biləcəyimiz hər hansı məqamların aradan qaldırılması üçün  bu quruma dəstək olmalıyıq. Həmin qurumda çalışan işçilərə dəstək olmalıyıq ki, onlar da öz vəzifə borclarını yüksək vətəndaşlıq məsuliyyəti ilə həyata keçirsinlər.
Hörmətli həmkarlarım bu Əsasnaməni diqqətlə oxuyublar, buradakı müddəaların nə qədər dəqiqliklə, peşəkarlıqla yazıldığının şahididirlər. Onlardan xahiş edərdim ki, buna səs verək və həmin insanlar öz fəaliyyətlərini lazımi, dəqiq, hüquqi sənəd əsasında davam etdirsinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Bu, qanun layihəsidir, o saat səsə qoymaq olmaz, müzakirə olunmalıdır. Sadəcə, mən xahiş edirəm, əgər etiraz yoxdursa, fasiləsiz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən, təbii ki, bu Əsasnamənin qəbul olunmasının və operativ olaraq icraya yönəlməsinin tərəfdarlarındanam. İnsan hüquqları komitəsində məsələ geniş müzakirə olundu. Orada da öz təkliflərimizi səsləndirmişik. Təkrara yol verməmək üçün, sadəcə, bir neçə məsələ üzərində dayanmaq istəyirəm. Birinci məsələ Əsasnamənin tərtibatı ilə bağlıdır. Bizim “Dövlət qulluğu haqqında” Qanunumuz var və həmin qanunda müəyyən anlayışlar verilir. Amma  yeni struktur olduğuna görə Əsasnamənin özündə də miqrasiya ilə bağlı anlayışların verilməsi vacibdir. Bir sıra anlayışların Əsasnamənin özündə yer alması hər halda Əsasnamənin müddəalarının daha dəqiq anlaşılması üçün faydalı ola bilər.
Digər tərəfdən, Əsasnamədə “Dövlət qulluğu haqqında” Qanunla bağlı müddəaların əksəriyyətinin təkrarən yazılmasının heç bir mənası yoxdur. Bunu qısaldılmış variantda vermək, orada olan müddəaların bir çoxunun burada eyni ilə təkrar olunmasını ortadan qaldırmaq  yerində olar. Digər tərəfdən, bu qurum inzibati, hüquq mühafizə orqanları sistemi kimi nəzərdə tutulduğuna görə işçilərə rütbələr verilməlidir. Biz komitədə də müzakirə edəndə  fikir səsləndirdik ki, burada rütbələrin verilmə məsələsində qeyri-müəyyənlik yaranır. Rütbələr isə belə adlandırılır: miqrasiya xidməti müşaviri, birinci dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Bunlar qarışıq ifadələrdir. Məncə, miqrasiya xidməti polkovniki, polkovnik-leytenant və ya leytenant kimi verilməsi daha dəqiq ola bilər. Bu isə xidmətin də daha dəqiq tanınmasına şərait yaradar. Bunu həmin qurumun hərbiləşmiş struktur kimi nəzərdə tutulduğuna görə deyirəm, mülki struktur deyil.
Digər məsələ isə gələcəkdə ortaya çıxacaq uniforma məsələsidir. Uniformanın müəyyən olunması da bu Əsasnamədə öz əksini tapmalıdır. Hansı forma nəzərdə tutulur? Sonra, burada işə qəbulla bağlı yaş həddinin müəyyən olunması məsələsi var. Bir çox məsələlər Əsasnamədə öz əksini tapmalıdır. Ola bilsin, bu gün Əsasnaməni qəbul edəcəyik. Amma hər halda bu boşluqların doldurulması üçün, daha mükəmməl bir əsasnamənin ortaya çıxması üçün deyilən iradların təmin olunması vacibdir. Mən bu Əsasnamənin qəbul olunmasına tərəfdaram. Hesab edirəm ki, orqan yaranıbdır, miqrasiya artıq Azərbaycanda ciddi bir problemə çevrilibdir. Miqrasiya  fəaliyyətinin qanuni tənzimlənməsi üçün bu Əsasnamənin qəbul olunması vacibdir. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun. Vacib Əsasnamədir, mən bunun qəbul edilməsinə tərəfdaram. Amma bəzi maddələr məndə suallar doğurur. Misal üçün, burada insan hüquqlarının təsbiti ilə bağlı tarazlıq pozulur. Belə ki, indi qeyd edəcəyim bəzi maddələrdə işçiyə müstəsna hüquqlar verilir. Amma elə maddələr də vardır ki, həmin işçinin hüququnu məhdudlaşdırır. Mən sizə bir neçə nümunə gətirə bilərəm. III fəsildə miqrasiya orqanları işçilərinin hüquq və vəzifələrindən bəhs edilən 29.5-ci maddəyə fikir verməyinizi xahiş edərdim. Bu maddədə miqrasiya orqanlarında işləyən işçilərin elmi və yaradıcılıq, habelə pedaqoji fəaliyyətlə məşğul olmaları üçün icazədən söhbət gedir. Yaradıcılıq fəaliyyətini bir yana qoyaq, ancaq pedaqoji, xüsusilə elmi fəaliyyət ilə 9-dan 6-ya, bəzən 7–8-ə kimi işləyən adam necə məşğul ola bilər? Vaxtilə ümummilli liderimiz belə hallara qarşı kəskin çıxırdı və haqlı olaraq deyirdi ki, əgər bu və ya digər dövlət məmuru dissertasiyasını özü yazır, kitabxanalarda, arxivlərdə işləyirsə, deməli, o öz işində səhlənkarlıq edir. Yox, əksinə, öz işini ləyaqətlə yerinə yetirirsə, deməli, dissertasiyanı onun əvəzinə kim isə yazır. Bu sizin yaxşı yadınızdadır. İkinci dəfə hakimiyyətə gələndə də mən şəxsən bilirəm ki, Heydər Əliyevin məmurlar haqqında fikri tamamilə 1970-ci illərdəki kimi idi. Dövlət məmuru dövlət qulluğunda işləyirsə, elmi fəaliyyətlə məşğul ola bilməyəcək və bunun üçün onun vaxtı da yoxdur. Ona görə də bu maddə, mənə elə gəlir ki, miqrasiya xidməti rəhbərlərinə başağrısı gətirəcək və onu qəbul etmək lazım deyil,  bu siyahıdan çıxarmaq lazımdır.
Digər nümunə 29.10-cu maddədir. Burada deyilir ki, “işlədiyi miqrasiya orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət edə bilər.” Mənə elə gəlir ki, bu da absurddur və rəhbərlik – işçi münasibətlərinə, davranış qaydalarına aiddir və ümumi işin gedişinə mane ola bilər.
Digər tərəfdən, 30.9-cu maddədə yazılır ki, “işçi qulluq etdiyi miqrasiya orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatı təqdim etməlidir”. Axı respublikamızda, ümumiyyətlə, bütün dünyada ancaq vergi orqanları bu və ya digər işçidən belə məlumatları tələb eləyə bilər. Ancaq rəhbərlik öz işçilərindən bunu, mənə elə gəlir ki, tələb edə bilməz. Bu, istisna xarakteri daşımalıdır. Belə maddələr burada çoxdur. Bir tərəfdən çox müstəsna hüquqlar verilir, digər tərəfdən bu hüquqlar məhdudlaşdırılır. Xahiş edirəm, bu maddələrə bir də baxasınız.
Sədrlik edən. Çox sağ olun. Mən elə yerindəcə bu məsələyə aydınlıq gətirim. Əvvəla, Konstitusiyamızda bu norma var. Dövlət qulluğunda çalışan işçilər pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu onların hüququdur. Əlbəttə, əgər məmur öz işinin öhdəsindən gəlirsə, işdən kənar vaxtlarda yaradıcılıqla məşğul olursa, rəhbərlik bunu qadağan edə bilməz, bu normal bir haldır. Milli Məclisin hər bir deputatı pedaqoji fəaliyyətlə məşğul ola bilər. Dövlət orqanlarında işləyən insanlar işdən kənar vaxtda pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Burada qeyri-adi bir şey yoxdur. Bu onun hüququdur. Əgər vaxtı yoxdursa, söz yox, Siz deyən olacaq, məşğul olmaya bilər.
O ki qaldı əmlak vəziyyəti ilə bağlı, biz axı “Gəlirlərin deklarasiyası  haqqında” Qanun qəbul etdik. Bu deklarasiyanı deputat da, dövlət qulluqçusu da verməlidir. Bu, dünya ölkələrində qəbul olunmuş bir normadır. Ona görə də burada qeyri-adi bir şey yoxdur. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bu Əsasnamənin qəbul olunmasına tərəfdaram. Bilirsiniz ki, Azərbaycan indi regionda inkişaf eləmiş dövlətdir. Miqrasiya xidməti Azərbaycanda yeni yaranmış orqandır. Hesab edirəm, bu Əsasnamə qanun deyil, bir təşkilatın işçi sənədidir və həmin sənəddə də  müddəalar nəzərdə tutulub. Gələcəkdə iş prosesində görünəcək ki, nə çatışır, nə çatışmır. Biz buna əlavə və dəyişikliklər edə bilərik. Biz bunu qəbul edək.
Buradakı müddəaların böyük əksəriyyəti “Dövlət qulluğu haqqında” Qanundan götürülüb. Rəbiyyət xanım da gözəl qeyd etdi. Yaradıcılıq fəaliyyəti ilə bağlı məsələ “Dövlət qulluğu haqqında” Qanunun 19.05-ci maddəsində öz əksini tapıb. Miqrasiya xidmətinin əməkdaşına da bir dövlət qulluqçusu kimi bunlar şamil edilməlidir. Digər məsələlər də, hesab edirəm ki, yerində olan məsələlərdir.
Mən yazılı sənədlərin təqdim olunmasına tərəfdaram. Bir də görürsən ki, rəhbər işçi bir tapşırıq verir, sonra boynundan atır ki, heç mən belə tapşırıq verməmişəm. Əgər işçidə şübhə yaranırsa, tapşırığı yazılı şəkildə tələb edə bilər. BP şirkətinin iş sisteminə baxsanız görərsiniz, orada otaq-otaq gəzən yoxdur, kompüterlə yazılı şəkildə direktora məktub göndərir, o da məktubla cavab verir ki, vəziyyət belədir. Əldə sənəd daşımırlar,   yəni bu artıq yeni sistemdir, yeni sistemin əsasında qurulub. Mən də hesab edirəm, belə sistemlərə ehtiyac var.
Ətraflı şəkildə hazırlanmış Əsasnamədir. Mən deputat həmkarlarımdan xahiş edirəm, bu Əsasnaməyə səs verək, qəbul edək. Gələcəkdə əlavə sənədlər ortaya çıxacaqsa, onlara da baxıb qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən.  Yeri gəlmişkən, mən bir məsələyə də aydınlıq gətirim. Fazil bəy bayaq rütbələrlə bağlı danışdı və qeyd etdi ki, bu xidmət hərbi təşkilatdır. Ancaq bizim başa düşdüyümüz mənada hərbi, Müdafiə Nazirliyinin strukturu kimi hərbiləşdirilmiş təşkilat deyil. Ona görə də burada polkovnik, general-leytenant, general-mayor rütbələrinin olması zərurəti yoxdur. Dünya praktikasında belə qəbul olunub: müşavir, xidmətin xüsusi müşaviri, kiçik müşavir... Guya biz buraya polkovnik, general yazmaqla nəsə dəyişəcəkmi? Əsas odur ki, orada  iş getsin. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Əslində, mənim sənədlə bağlı ciddi təkliflərim yoxdur. Hesab edirəm ki, sənəd yaxşı hazırlanmış sənəddir və çox önəmlidir, biz də buna səs verməliyik. Ümumiyyətlə, bu təşkilatın fəaliyyəti Azərbaycan üçün çox önəmlidir. 
Mənim, Arzu müəllimin burada olmasından istifadə edərək, sadəcə, bir xahişim var. Detalları açıqlamayacağam, çünki Arzu müəllimlə tez-tez danışırıq, müzakirə edirik, o, hansı məsələləri vurğuladığımı bilir.
Mən Azərbaycan Milli Məclisinin Azərbaycan–Gürcüstan dostluq qrupunun sədriyəm. Gürcüstanda olduğum zaman oradakı azərbaycanlı soydaşlarımızın qaldırdıqları bəzi məsələlərlə tanışam. Mən çox istərdim ki, miqrasiya məsələləri ilə bağlı qurumumuz bu məsələlərə diqqət və həssaslığı daha da artırsınlar. Biz bilirik, Azərbaycan dövlətinin  rəsmi mövqeyi də budur ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə çox diqqətlə yanaşılmalı, onlara lazımi qayğının göstərilməsi üçün çoxlu işlər aparılmalıdır. Amma hamımız bilirik ki, Gürcüstandakı soydaşlarımızın üzləşdikləri ən böyük problemlərdən biri işsizlik problemidir. Onların bir çoxları işsizlik problemlərinin həlli üçün Azərbaycana üz tuturlar.  Azərbaycanda iş yerləri axtarırlar ki, ailələri üçün çörək pulu qazanıb evlərinə göndərə bilsinlər. Onlar bununla bağlı miqrasiya xidmətində onlara daha çox həssaslıq və diqqətin göstərilməsini istəyirlər.
Biz bəzi məsələləri Arzu müəllimin diqqətinə də çatdırdıq. Mən inanıram, ümid edirəm ki, bu həssaslıq və diqqət bundan sonra da artacaq. Bizim üçün oradakı soydaşlarımızın problemlərinin həlli önəmli məsələlərdən biridir. Bu baxımdan onların miqrasiya xidməti ilə bağlı yaranan problemlərinə həssaslıq və diqqətin artırılmasını, Arzu müəllim də burada olduğuna görə, xahiş etmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Əsasnamənin layihəsi ilə tanışlıq göstərir ki, Əsasnamə miqrasiya orqanlarının vəzifələrinə uyğun olaraq tərtib edilib. Burada həm dünya təcrübəsi, həm də qısa müddətdə Azərbaycanda fəaliyyət göstərən miqrasiya xidmətinin təcrübəsindən irəli gələn bütün detallar nəzərə alınıb və Əsasnaməyə uyğun olaraq miqrasiya orqanında qulluq keçmənin səlis olacağını düşünmək olar. Mənim, sadəcə,  bir sualım var. Miqrasiya orqanları üçün kadrlar hansı formada hazırlanır? Həm miqrasiya orqanlarına qəbul olunana qədər, həm də miqrasiya orqanlarında qulluq keçmə zamanı peşəkarlığın artırılması üçün hansı işlər görülür? Ümumiyyətlə, gələcəkdə miqrasiya orqanları işçilərinin hazırlığı üçün xüsusi bir forma nəzərdə tutulurmu? Əsasnamə layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hesab edirəm, şübhəsiz ki, miqrasiya problemləri tənzimlənməlidir və müvafiq icra hakimiyyəti orqanı da bunun üçün hər cür qanunvericilik təminatına malik olmalıdır. Bu baxımdan Əsasnamənin də gündəliyə salınıb təsdiq olunması təbiidir.
Bir məsələyə hörmətli millət vəkillərinin diqqətini cəlb etmək istəyirəm. Miqrasiya xidməti həm də bizdə vətəndaşlıq məsələləri ilə məşğul olan hakimiyyət orqanıdır. Vətəndaşlığa qəbul, vətəndaşlıqdan imtina və vətəndaşlığın müəyyən edilməsi məsələləri barədə minlərlə, hətta yüz minlərlə insanın taleyi ilə bağlı məsələlər haqqında qərar çıxaran, sərəncam verən, arayış hazırlayan bir orqandır. Bu ona görə mühüm məsələdir ki, Azərbaycan və Azərbaycan xalqı elə spesifik xüsusiyyətlərə malikdir ki, bu xüsusiyyətlər başqa xalqlarda yoxdur. Bu təxminən 30 milyon soydaşımızın İranda, təxminən 2 milyona yaxın soydaşımızın keçmiş SSRİ məkanında yaşamasıdır və onların milyondan artığının həmin ölkələrin vətəndaşları olmalarıdır. Onların Azərbaycan Respublikasının vətəndaşlığının saxlanması, onların uşaqlarının taleyi ilə bağlı məsələlər vardır. Mənə edilən müraciətlərin içərisində çoxsaylı müraciətlər bu barədədir. Mən miqrasiya xidmətinin  rəhbərliyi ilə də bir neçə dəfə bu məsələlərlə bağlı əlaqə saxlayıb, ünsiyyətdə olmuşam.
Nəyə görə mən bu məsələyə toxunmağı lazım bildim? Əsasnamənin 30.1-ci maddəsində miqrasiya orqanları işçilərinin əsas vəzifəsi kimi Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək tələbi qoyulub. Bu, Azərbaycanın bütün vətəndaşları, vəzifəli şəxsləri qarşısında qoyulan ümumi bir tələbdir. Lakin mən ünsiyyətdə olarkən dəfələrlə həmin xidmətin rəhbərlərinin diqqətini Konstitusiyanın 52-ci maddəsinin müddəalarına cəlb etmişəm. Burada yazılıb: “...Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
53-cü maddədə isə əlavə bir təminat vardır: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”. Bu, 53-cü maddənin birinci bəndidir. Lakin mənə yazılı şəkildə bir neçə müraciətlər var. Mən də deputat sorğusu qaydasında miqrasiya xidmətinə müraciət etmişəm. Həmin müraciətlərdə konkret hallar göstərilir. Valideyn Azərbaycan Respublikasında anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, onun pasportunu və şəxsiyyət vəsiqəsini daşımaqda davam edir. Lakin onun övladı  ya Rusiyada, ya keçmiş SSRİ-nin başqa respublikalarında, daha konkret Gürcüstanda anadan olubdur. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmasından miqrasiya xidməti imtina edir, bu barədə qərarlar verir. Doğrudur, birbaşa qərarlar vermir, lakin dolayısı yolla bundan imtina edir. Mən hesab edirəm ki,  hörmətli Milli Məclis, həqiqətən, mövcud qanunvericiliklə Konstitusiyanın bu müddəaları arasında müəyyən uyğunsuzluqların olmasını etiraf etmək lazımdır.
Mən hətta müvafiq qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət eləmişəm. Təəssüf ki, nə şöbələrdən, nə də müvafiq komitələrdən  bu məsələyə hələ bir reaksiya yoxdur. Bir daha təkrar edirəm, bu məsələ fərdi, bir neçə adama aid deyildir, hesablamalara görə bir neçə yüz min adamın taleyi ilə bağlı məsələdir. Miqrasiya xidməti, yeri gəlmişkən, deyim ki, mənim yaşadığım ünvandan təxminən bir 10 metr kənarda yerləşir. Mən tez-tez oradan keçirəm. Mənə orada da qeyri-rəsmi şəkildə tez-tez müraciətlər olur. Onların içərisində vaxtilə Ermənistan SSR-də anadan olub, sonra Rusiyaya getmiş şəxslər var. Azərbaycan Respublikasının vətəndaşı olub, Rusiyaya və ya başqa respublikaya getmiş, orada övladı olmuş və övladına doğum haqqında şəhadətnamənin həmin respublikada verildiyi şəxslər var. Onların böyük bir qismi, təkrar edirəm, çox ciddi problemlə üzləşirlər.
Mən hesab edirəm ki, Konstitusiyanın bu müddəası qüvvədə olduğuna,  hər hansı qanunvericilik aktına burada istinad olunmadığına görə  Azərbaycan Respublikasında buna, sözsüz, əməl edilməlidir. Təkrar edirəm, miqrasiya xidməti birmənalı şəkildə bu müddəanı yerinə yetirərsə, belə problemlərin bir çoxu yaranmaz. Mənim miqrasiya xidmətinin hörmətli rəhbəri, onun birinci müavini, müvafiq şöbələrin ekspertləri ilə söhbətim olub. Onlar, həqiqətən, belə bir boşluğun olduğunu etiraf edirlər. Lakin Konstitusiya yox, vətəndaşlıq haqqındakı digər qanunlara istinad edirlər. Fikrimcə, doğru istinad edilməyir. Ortada isə bu barədə nə məhkəmələrin, nə də Prezidentin qərarı vardır. Ona görə də belə bir qarışıqlıq yaranmışdır. Mən çox istəyərdim ki, Əsasnamənin müvafiq maddələrində nəzərə alınmaqla bu məsələyə aydınlıq gətirilsin.
İkinci, hörmətli millət vəkilləri, 10 milyonlarla soydaşımız məsələsində müəyyən bir formada fərqləndirmə etmək lazımdır. İndi burada deyiləcək ki, fərqi yoxdur, azərbaycanlı olsun və ya qeyri-azərbaycanlı olsun, onlar başqa bir dövlətin vətəndaşıdırlar, ona görə də  hüquqi baxımdan onlara eyni yanaşmalıyıq. Mən bununla bağlı indi hansısa bir formada diskussiya açmaq istəmirəm. Təklif edirəm ki, hörmətli hüquqşünaslarımız, bir daha təkrar edirəm, azərbaycanlılar məsələsinə uyğun olan hansısa bir formada düstur tapsınlar. Məsələn, Azərbaycan mənşəli Gürcüstan vətəndaşları, cənublu  soydaşlarımız, Rusiyadakı milyonlarla azərbaycanlı  məsələsində bir formul tapmalıdırlar. Bu məsələlərə xüsusi bir yanaşma tələb olunur.
Heç kəs demir, elə bir qanun qəbul olunsun ki, digər respublikalarda  kompakt şəkildə yaşayanların respublikaya gəlmələri stimullaşdırılsın, ya orada diasporumuz  zəifləmiş olsun. Heç kəs bunu demir. On milyonlarla soydaşımızın mənafeyi nəzərə alınmalıdır. Əsasnamədə göstərilir ki, burada vəzifə etikası var. Azərbaycan xalqının milli maraqları ilə, soydaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bağlı konstitusion müddəalar,  Azərbaycan hökumətinin, Azərbaycan dövlət başçısının müvafiq aktları da vardır. Bu məsələlərin miqrasiya xidmətinin təcrübəsində,  praktikasında həyata keçirilməsinə nail olmaq lazımdır. Qənirə xanımın dediyi məsələ olduqca ciddi bir məsələdir. Mən çox istəyərdim ki, təkcə miqrasiya xidməti yox, hörmətli Milli Məclis də  bu məsələlərlə bağlı qərarlar qəbul edə bilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Pənah bəy. Mən təşəkkür edirəm ki, Pənah bəy konstruktiv çıxışlar da edə bilirmiş. Bu, doğrudan, ciddi məsələdir. Miqrasiya xidmətinin nöqsanı, səhvi deyil. Həqiqətən, hesab edirəm ki, bu məsələ fundamental şəkildə həll edilməlidir. Bu isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun müəyyən müddəalarına  düzəlişlər etməklə mümkündür. Amma məsələnin hüquqi cəhəti təkcə bu deyil, Pənah bəy. Sizin sualınızın cavabı var. Amma mən burada onu açıqlamaq istəməzdim, istəyərdim, ikilikdə bu barədə söhbət edək. Çünki elə nüanslar var ki, onları burada açmaq mümkün deyil. Hesab edirəm, Pənah bəy məni düzgün başa düşər. Gövhər xanım Baxşəliyeva.
G.Baxşəliyeva. Mən də Əsasnamə ilə ətraflı tanış olmuşam və  onun  lehinə səs verəcəyəm. Mən də məndən öncə danışan natiqin toxunduğu mövzunu davam etdirmək istəyirəm. Sizin hamınızın yadınızdadır, Dünya azərbaycanlılarının qurultayında dəfələrlə vurğulanırdı ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi vətənidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qəbul edəndə, orada onlara Azərbaycan Respublikasında təhsil almaları üçün güzəştli şərtlər müəyyənləşdirdik. Bununla əlaqədar Milli Elmlər Akademiyasında, o cümlədən bizim Şərqşünaslıq İnstitutunda problem yaranıbdır. Bizim institutda bir neçə cənublu soydaşımız dissertantdırlar və indiyə qədər onlar maneəsiz gedib-gəlirdilər, təhsil alırdılar. Amma bu yaxın vaxtlardan, təxminən sentyabr ayından onları uzun müddət ərzində burada qalmağa qoymurlar. Deyirlər ki, dissertantsan, yalnız hərdənbir 2-3 günlük gəlib-gedə bilərsən. Amma onların götürdükləri mövzular arasında elələri var ki,  yalnız burada, Azərbaycan Respublikasında material toplamaq olar. Onlar bizim kitabxanalarda oturmalı, elmi rəhbər ilə sıx əlaqədə işləməlidirlər. Həmin insanlara şərait yaradılmalıdır ki, onlar öz elmi işlərini tamamlasınlar. Nəzərə alınmalıdır ki, onların hər birini biz Cənubi Azərbaycanın görkəmli ziyalılarının təqdimatı ilə qəbul etmişik.
Bu məsələni mən burada açıqlamaq istəmirəm. Bizim ümummilli maraqlarımıza da çox  böyük müsbət təsiri var. Mən Arzu müəllimlə əlaqə yaratmağa çalışmışam. Amma təəssüf ki, onun özü ilə əlaqə yarada bilməmişəm. Xidmətin şöbə müdiri mənə deyib ki, onların reyestrindəki şəxslər sırasında dissertantlar nəzərdə tutulmayıb. Aspirantlar var, amma dissertantlar yoxdur. Bax, belə bir anlaşılmazlıq yaranır. Hər halda, mən xahiş edirəm, bu işdə köməklik göstərsinlər. Bizim burada təhsil alan,  xaricdə yaşayan soydaşlarımıza kömək lazımdır. Hətta qeyri-soydaşlarımıza da köməklik etməliyik. Digər ölkənin vətəndaşı gəlib Azərbaycanla yaxından tanışdırsa, müəyyən müddət, 3–5 il Azərbaycanda təhsil alırsa, bunun nəyi pisdir? Onlar artıq Azərbaycanın həm özünün, həm də mədəniyyətinin təbliğatçısına çevrilirlər. Biz belə halları çox görmüşük. Bu insanlara bir qədər diqqətlə yanaşmaq lazımdır. Xahiş edirəm, həmin dissertantlar üçün şərait yaradılsın ki, onlar təhsillərinə davam edə bilsinlər. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Siz dediyiniz məsələ bu Əsasnamənin predmeti deyil. Biz “İmmiqrasiya haqqında” Qanun qəbul etmişik. Bu məsələ həmin qanunun predmetidir. Amma yenə deyirəm, elə nüanslar var ki, bu gün hələlik biz ona gedə bilmirik. Mən hesab edirəm ki,  gələcəkdə bu məsələlər öz həllini tapacaq. Əsasnamə ilə bağlı elə ciddi irad və qeydlər olmadı. Deyilən təkliflərə də burada münasibət bildirildi, aydınlıq gətirildi. Əgər Arzu müəllim  çıxış etmək istəyirsə, buyursun. Onda, xahiş edirəm, münasibət bildirin. Bəlkə elə bir oxunuşda bunu qəbul edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, bir oxunuşda qanunu qəbul edək.

Səsvermənin nəticələr          (saat 14.23 dəq.)
Lehinə                                             94
Əleyhinə                                           1
Bitərəf                                               0
Səs verməd                                    0
İştirak edir                                       95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Hamınıza təşəkkür edirəm, növbəti iclasda görüşənədək.  

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU