15.12.2009 - tarixli iclasın stenoqramı

 

MİLLİ  MƏCLİSİN  İCLASI

15 dekabr  2009-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız və qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.03 dəq.)
İştirak edir   92
Yetərsay      83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik hamınızda var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr    (saat 12.03 dəq.)
Lehinə                                        96
Əleyhinə                                      1
Bitərəf                                          0
Səs verməd                               0
İştirak edir                                  97
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılın. Musa Quliyev.
M.Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Azərbaycan ictimaiyyətini narahat edən, Azərbaycanın bir milyona qədər qaçqın və məcburi köçkününün narazılığına və hiddətinə səbəb olmuş bir məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasını və müvafiq qərar qəbul edilməsini təklif edirəm. Hamıya məlumdur ki, Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası bu günlərdə Dağlıq Qarabağın separatçı erməni icmasına 8 milyon ABŞ dolları məbləğində yardım ayrılması barədə qərar qəbul etmişdir. Bu qərar beynəlxalq hüququn bütün normalarını pozmaqdır. Bu qərar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş ABŞ hökumətinin siyasətinə ziddir. Bu qərar separatçı rejimi və işğalçı Ermənistanı mənəvi cəhətdən də, maliyyə cəhətdən də dəstəkləmək deməkdir. Bu, eyni zamanda, Ermənistan−Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan, Minsk qrupunun üzvü olan Amerika Birləşmiş Ştatları dövlətinə Azərbaycan ictimaiyyətinin etibarını və inamını azaldan bir qərardır.
ABŞ Konqresi belə bir maliyyə yardımı etmək istəyirsə, bunu ərazi bütövlüyünü tanıdığı Azərbaycan dövlətinə etməlidir. Azərbaycan dövləti də həmin maliyyə yardımını Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmasına xərcləməyi bacarar. Mən düşünürəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına eyni münasibət bəslənilməlidir. Ona görə təklif edirəm ki, bu məsələ Milli Məclisin gündəliyinə salınsın və Amerika Birləşmiş Ştatları kimi nəhəng dövlətin senatorları bir qrup erməni diasporunun əlində əsir-yesir olmasınlar. Yəqin, qüdrətli Amerikada da bilirlər, böyük yalnız o zaman böyük olur ki, onun böyüyü də ədalətli olsun. Diqqətinizə görə təşəkkür edirəm. Xahiş edirəm, mənim qaldırdığım məsələ gündəliyə salınsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə.Hüseynov. Sağ olun. Hörmətli cənab Sədr, bu gün gündəlikdə vacib məsələlər, o cümlədən bir Konstitusiya qanununun müzakirəsi var. Amma mən həmkarım Musa müəllimin fikri ilə tam razıyam. Biz son günlər ictimaiyyətin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat nümayəndələrinin ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı, qondarma Dağlıq Qarabağa ayırdığı vəsaitlə bağlı çox kəskin mövqelərinin şahidi oluruq. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq hamını narahat edir və bu da təbiidir.
Burada bir sual hamını maraqlandırır. Bu vəsaitin ayrılmasından kim itirir, kim udur? Əlbəttə ki, separatçı Dağlıq Qarabağ rejimi bundan heç nə əldə etmir, çünki onun separatçı mahiyyəti dünya ictimaiyyəti üçün aydındır və bir çox beynəlxalq sənədlərdə öz əksini tapıb. Bilirsiniz ki, Azərbaycana da müəyyən maliyyə vəsaiti ayrılıb. Amma Azərbaycanın iqtisadi durumunda heç əvvəllər də bunun xüsusi əhəmiyyəti olmayıb. Əslində, parlament seçkiləri öncəsi insan hüquqları, demokratiya məsələləri ilə bağlı bu vəsaitin hara və kimlərə yönəldildiyi də məlumdur. Yəni burada Azərbaycan dövlətinin və onun 1 milyon qaçqınının qazanacağı heç nə yoxdur. Amma itirən kimdir? İtirən, əlbəttə ki, ABŞ hökumətidir. Bu məsələ vaxtilə də səslənmişdi və o zaman Heydər Əliyev çox dəqiq bir ifadə işlətmişdi: “ABŞ öz ədalətlilik imicini itirir. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır.
Artıq burada qeyd olundu, beynəlxalq hüquqi nöqteyi-nəzərdən ABŞ Minsk qrupunun həmsədridir və müəyyən öhdəliy var ki, məsələyə ədalətli və tərəfsiz yanaşsın. Təəssüf ki, belə bir məsələ, belə bir ayırma buna mane olur. Əslində, bu ya Azərbaycan hökumətinin vasitəsilə, ya da heç olmasa, Azərbaycanı xəbərdar etməklə ayrılsaydı, onda, əlbəttə ki, onların dedikləri kimi, bu, demokratik mühit və sülh danışıqları üçün daha münbit şərait yaradardı. Onda separatçı rejim də görərdi ki, dünya ictimaiyyəti, ABŞ cəmiyyəti bu məsələyə nə cür yanaşır? Bizim ABŞ-dan olan dostlarımız belə hallarda qeyd edirlər ki, bu, erməni lobbisinin həyata keçirdiyi məsələdir. Bəli, ola bilər. Amma dünya ictimaiyyəti bilir ki, qanunsuz lobbiçiliyin bir adı var, bu da siyasi korrupsiyadır. Əslində, ABŞ Konqresində bu cür qərarların qəbul olunması siyasi korrupsiyanın bir nəticəsidir. Hamımız bilirik ki, Azərbaycan bu sahədə öz dəqiq mövqeyini və müttəfiqlərini müəyyənləşdirib. Amma hesab edirəm ki, ABŞ rəsmiləri üçün siyasi riyakarlıq və ikiüzlülük, əslində, ABŞ-ı bir müttəfiq kimi görməyə məcbur etmir. Bu, ABŞ rəsmilərinə yaraşmayan bir hərəkətdir. Onlar da bu sahədə mövqelərini dəqiq müəyyənləşdirməlidirlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Bildiyimiz kimi, bu xəbəri eşidəndən narahatlıq keçirən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması həm ABŞ Prezidentinə, həm konqresə, həm də dövlət departamentinə müraciət etmişdir. Biz soruşmaq istəyirik ki, nədən Dağlıq Qarabağın azərbaycanlı icması öz doğma torpağına qayıda bilmir? Nədən bizim insanların haqlarının pozulması ilə bağlı deyilən fikirlər nəzərə alınmır? Nədən azərbaycanlı icmasına maliyyə yardımı edilmir? Bu suallar bizim hər birimizi narahat edir. Biz gözləyirik ki, azərbaycanlı icması Dağlıq Qarabağa köçəcək, doğma torpaqlarında həyatını qura biləcək və hər iki icma arasında münasibətlər bərpa olunacaq. Bu bizim marağımızdadır və istərdik ki, hər hansı bir danışıqlar prosesində əldə edilmiş müqavilədən qabaq  biz öz doğma yurdumuza köçə bilək. Bizim öz torpağımızda yaşamaq hüququmuz var. Biz öz hüququmuzdan istifadə etmək istəyirik. Dekabr ayının 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bir daha bildirmək istəyirik ki, artıq üçüncü dəfədir, Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Düz 15 ildir ki, qanuna müvafiq olaraq hər beş ildən bir keçirilən bu seçkilərdə biz bir dəfə də olsun iştirak edə bilməmişik. Bu bizim haqlarımızın pozulmasına dəlalət edən bir həqiqətdir. Biz istərdik ki, bu seçkilərdə bu hüquqdan istifadə edə bilək.
Mən istərdim, bu tribunadan səsləndirəm ki, bu il may ayının 15-də Almaniya dövlətinin qərarı olub. Həmin qərarda Dağlıq Qarabağın  azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtmaq hüququ qeyd olunur. Biz istərdik ki, Avropanın digər dövlətləri də belə bir qərarla çıxış etsin və Amerika Birləşmiş Ştatları bu qərara əsasən bizim icmaya qarşı mövqeyini dəyişsin. Bu bizim haqqımızdır və biz bunu tələb edirik. Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatları da bizim haqq səsimizə mövqeyini bildirməlidir. Mən istərdim ki, bu məsələ Milli Məclisdə də geniş müzakirə edilsin.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də, təbii ki, burada Qarabağla, o cümlədən ABŞ Konqresinin Nümayəndələr Palatasının Dağlıq Qarabağa ayırdığı yardımla bağlı narahatlıqları başa düşürəm. Amma təəssüf ki, bu, birinci hal deyil. Həm Rusiya, həm Fransa, həm Amerika Birləşmiş Ştatları, həm də digər ölkələr zaman-zaman Azərbaycanın haqq işinə çox ciddi şəkildə ziyan vuran mövqelər nümayiş etdiriblər. Amma təəssüflər olsun ki, biz bunu ciddi şəkildə Milli Məclisdə  müzakirə etməmişik. Ona görə mən hesab edirəm ki, gündəliyə təkcə bu məsələ yox, Qarabağ məsələsi salınmalı, müzakirə olunmalıdır. Həm  indiyə qədər müzakirələrdə iştirak etmiş tərəflər − Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi baş verən proseslər, aparılan danışıqlar, Azərbaycan ordusunun vəziyyəti və sair ilə bağlı Milli Məclisdə deputatlar qarşısında hesabat versinlər, həm də bu danışıqlar mərhələsində nələrin baş verdiyini, o cümlədən niyə ayrı-ayrı dövlətlərin fərqli mövqe tutduğunu, Azərbaycanın mövqeyinə zidd olan fikirlərin və qərarların verilməsinin səbəblərini araşdıraq. Ortalığa ümumi konsepsiya qoyulsun.
Təbii ki, Qarabağ məsələsi Azərbaycan cəmiyyətinin bütün təbəqələrini narahat edir. Burada bölgü yoxdur. Hər kəs anlayır ki, bu vətən onundur. Bu vətənin müdafiəsi, problemlərinin həlli istiqamətində də hamı birgə işləmək, birgə mövqe ifadə etmək istəyir. Bunun üçün Milli Məclisin əlahiddə iclasının çağırılması heç də pis olmazdı. Bu məsələdə, yəqin ki, deputatlarımızın böyük əksəriyyətinin ciddi şəkildə marağı var. Əvvəl-axır bütün strukturlarda gedən danışıqlar barədə millət vəkillərinin məlumatı olmalıdır.
Son illərdə Madrid prinsiplərindən çox danışılır. Danışıqlar predmetinin Madrid prinsipləri olduğu bildirilib. Amma Madrid prinsiplərinin mətbuata sızan müddəalarından belə nəticəyə gəlmək mümkündür ki, sabah da Madrid prinsiplərinin hər hansı bir bəndinin müzakirəsi ilə bağlı mövqe ifadə edəcəyik. Çünki orada elə məsələlər var ki, Azərbaycanın bütövlükdə nəinki maraqlarına, hətta Konstitusiyasına, dövlət suverenliyinə, ərazi bütövlüyünə ziddir. Məsələn, əgər bu gün Dağlıq Qarabağ ərazisində üçüncü mərhələ kimi referendumun keçirilməsi Azərbaycanın səlahiyyətli qurumları tərəfindən müzakirə predmetidirsə, başqa dövlətlərdən hər hansı bir addımı gözləməyin özü məntiqə uyğun gəlmir. Azərbaycanın Konstitusiyası, Azərbaycanın qanunları əlahiddə qaydada Azərbaycanın  hər hansı bir yerində referendumun nəinki keçirilməsinə, heç müzakirə predmeti olmasına imkan vermir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Milli Məclis üzvləri! Mən çox təqdirəlayiq hal sayıram ki, bu məsələ ətrafında parlamentdə, o cümlədən cəmiyyətdə vahid siyasi mövqe, konsensus var. İqtidarlı-müxalifətli hamı bu məsələyə etirazını bildirir. Bu, çox yaxşı haldır. Çünki bəzən belə daxili dairələri tapıb bundan hakimiyyətə təsir vasitəsi kimi istifadə edirlər. Ümummilli problem kənarda qalır və bundan da millət ziyan çəkir.
Cənab Sədr, mən bu fikirləri davam etdirərək tezis şəklində suallarımı səsləndirmək istəyirəm. Təbii, bu mövqeni bölüşürəm ki, bu, separatizmin maliyyələşməsi kimi bir nəticə doğurur və bitərəf vasitəçilik missiyasına xələl gətirir. Təbii ki, bu yardımlar olmasaydı, ədalətli sülh əldə eləmək daha asan olardı. O cümlədən bu onların ayaqda qalmasına illər ərzində kömək edib və Dağlıq Qarabağ rejimi hərbi xunta olaraq bundan xeyli faydalar götürüb. Vaxt var idi ki, həmin yardımlar Dağlıq Qarabağın saxta büdcəsindən xeyli artıq idi və bu, 17 il ərzində 200 milyon dollara yaxın bir vəsait eləyir.
Konqres üzvləri, bu ideologiyanı irəli sürənlər buyursunlar, Azərbaycana təşrif gətirsinlər, bizim təhlükəsizliyimiz onlar tərəfindən təmin olunsun və birlikdə Dağlıq Qarabağa gedək. Görək onların fəlsəfəsi ilə irəli sürülmüş bu ideya nə qədər doğrulub? Yəni Qarabağ rejimi nə qədər humanistləşib? Orada demokratikləşmə, normal mülki və hüquqi cəmiyyət quruculuğunda hansı addımlar atılıb? Deməli, təyinatı üzrə istifadə olunmayıb. Deməli, həmin vəsaitlər Qarabağın minasızlaşdırılmasına getməyib və sair. Deməli, bu vəsaitlər mahiyyət etibarilə Rusiyanın etdiklərini edib.
Mən dünən efirdə bu fikri səsləndirdim. Biz Rusiyanın Ermənistana əvəzsiz yardımlarına bu parlamentdə haqlı olaraq etiraz eləmişik. Amma on illər ərzində Ermənistan 2 milyard dollara qədər vəsait alıb. Nə fərqi var? Mən o fərqi dünən səsləndirdim, istəyirəm burada da bildirim. Fərq daha acınacaqlıdır. Amerikanın 5 şirkəti Azərbaycanın neft müqavilələrində iştirak edir, milyonlarla dollar vəsait qazanır və Amerika büdcəsinə bundan vergi ödəyirlər. Sonra o büdcədən ayrılan vəsait Qarabağın separatçı rejiminə gedəndə belə çıxır ki, bizim öz neftimizdən, öz sərvətimizdən Azərbaycanın işğalında istifadə olunur. Bu çox ağır nəticədir. Dnestryanı ərazi bunlar tərəfindən maliyyələşdirilmir, Osetiyaya bu tətbiq olunmur, amma Qarabağa guya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb bunu etmək onlu bir siyasətdir. Bunun adı ikili formada ifadə oluna bilməz. Mən hesab edirəm ki, Amerikanın mövqeyində bu addımlar, heç şübhəsiz ki, səhvdir, yanlışdır və regiona bu cür təsir eləmək olmaz. Cənab Sədr, burada bu fikirlər səsləndi. Azərbaycan öz strateji seçimində doğru, dürüst, etibarlı partnyordur. Mən istərdim ki, bunun bir kampaniya olmadığını hər kəsin görməsi və bir daha təsdiqi naminə 4-5 nəfərdən ibarət deputat qrupu yaradaq, etiraz məktubu hazırlansın, Xarici İşlər Nazirliyi də buna qoşulsun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun. Cənab Sədr, bu mövzuda fikirlərimizi bildirməyimizə şərait yaratdığınıza görə təşəkkür edirəm. Mən də həmkarlarımla həmfikir olduğumu bəyan edərək qeyd eləmək istəyirəm ki, Amerika tərəfindən Dağlıq Qarabağ ermənilərinə belə bir yardımın ayrılması açıq və ya dolayı şəkildə separatçı qüvvələrə hamilik etməkdir, onların tərəfini tutmaqdır. Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağdakı separatçı qüvvələr cinayətkardır, canidir və onlar Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə  asi çıxmış qüvvələrdir. Amerika bu addımı atmaqla Azərbaycanın suveren hüquqlarına hörmətsizliyini ortaya qoymuş olur.
Düzdür, Amerika tərəfi qeyd edir ki, bu, humanitar yardımdır. Əgər doğrudan da, söhbət humanitar yardımdan gedirsə, mən də bu fikirdəyəm ki, həmin humanitar yardımdan Dağlıq Qarabağın azərbaycanlı icmasına da pay düşməli idi. Çox təəssüf ki, Amerika bu hərəkəti ilə Dağlıq Qarabağ məsələsində obyektiv və tərəfsiz bir mövqe tutmadığını bir daha göstərmiş oldu və bizim bununla bağlı indiyə kimi olan şübhələrimizi təsdiqlədi.
Ən təhlükəlisi və acınacaqlısı odur ki, bu addımı atan, bu qərarı verən bir dövlət ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və həmsədrlər formatında təmsil olunan bir ölkə kimi danışıqlar prosesində iştirak edir və guya münaqişənin həlli yolunun tapılmasında tərəflərə kömək etməyə çalışır. Mən hesab edirəm ki, biz bu formatdan, yəni açıq-açığına Ermənistanın az qala vəkili rolunda çıxış eləyən, ona lobbiçilik xidməti göstərən 3 dövlətin − Amerikanın, Rusiyanın və Fransanın bu danışıqlar prosesində vasitəçilik missiyasından imtina eləməliyik. Əgər xatırlayırsınızsa, vaxtilə ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası yaradılanda Türkiyə bu missiyadan ona görə kənarda qalmışdı ki, guya o bu danışıqlar prosesində tərəf tuta, Azərbaycanın tərəfini saxlaya bilər. Bu gün hər üç dövlət açıq şəkildə Ermənistanın tərəfini saxlayırsa, təcavüzkarla təcavüzə məruz qalana heç bir fərq qoymursa, mən düşünürəm ki, Azərbaycan dövləti olaraq bu məsələlərə öz kəskin etirazımızı ortaya qoymalıyıq. Bu, sadəcə, danışıqdan, çıxışlardan ibarət olmamalıdır, sənəd şəklində olmalıdır.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm. Möhtərəm Sədr, hörmətli media nümayəndələri! Müsavat deputat qrupu  Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Dağlıq Qarabağ qondarma rejiminə və işğalçı orqanlara maliyyə yardımı etməsi ilə bağlı burada səslənən fikirlərə həmrəy olduğunu bildirir. Biz siyasi partiyalar adından müvafiq sənədi imzalamışıq və bu, ünvanına göndəriləcəkdir. Heç şübhəsiz ki, Qarabağ məsələsində iqtidarlı-müxalifətli Azərbaycan cəmiyyətində hər hansı bir fikir ayrılığının olmasından danışmaq belə doğru olmazdı. Bu sahədə biz birliyin nümayişinin tərəfdarıyıq. Qeyd edim ki, müvafiq sənədlərin imzalanması təmsil elədiyimiz siyasi partiyaların rəhbərliyi ilə də razılaşdırılmışdır.
İkincisi, Müsavat deputat qrupu olaraq bu məsələ ilə əlaqədar olan digər bir məsələyə də diqqəti cəlb edirik. Belə bir ağır məqamda, müharibənin davam elədiyi bir vaxtda ümumtəhsil məktəblərindən kütləvi şəkildə şəhid adlarının götürülməsi kampaniyasına başlanılmışdır. Bu çox ləyaqətsiz, şərəfsiz bir hərəkətdir və hesab edirəm ki, bu kampaniyaya rəvac və göstəriş verənlər Azərbaycan cəmiyyətində, Azərbaycan hakimiyyətində elə ermənipərəst qüvvələrin, yaxud ermənilərin özləridir. Biz istəyərdik ki, bu məsələyə aydınlıq gətirilsin, çünki yerlərdə çox ciddi bir həyəcan vardır. Bu məsələnin tərəfdarları müəyyən edilib çox ciddi bir şəkildə cəzalandırılmalıdırlar.
Üçüncü, çox təəssüf ki, biz bu gün belə bir gərgin ab-hava şəraitində bu məsələni qaldırırıq. Biz hesab edirik ki, bizim Milli Məclisdə vəzifə saxtakarlığı, dövləti cinayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göndərilən və nöqtəsinə, vergülünə dəyilmədən iclasda iştirak edən şəxslər tərəfindən bir səslə qəbul edilmiş qanunda yüz minlərcə insanı maraqlandıran, onların bilavasitə mənafelərinə toxunan bir saxtakarlıq edilmişdir, qanunlar təhrif olunmuşdur. Bu barədə hörmətli Sədrə Müsavat deputat qrupu adından müraciət eləmişik. Bu da ondan ibarətdir ki, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda terminoloji dəyişiklik edilərək, bir daha təkrar edirəm, belə bir saxtakarlıq edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanuna əlavə edilən üçüncü bənd isə, ümumiyyətlə, çıxarılmışdır. Bu isə, bir daha təkrar edirəm, sayğacların təchizatçı müəssisələr tərəfindən quraşdırılması haqqında Prezidentin təklif elədiyi və burada bir səslə qəbul olunan müddəaya aiddir. Hesab edirik ki, bu məsələyə də aydınlıq gətirilməlidir. Əgər  bu məsələ Milli Məclisdə edilibsə, bunu edən şəxslər məsuliyyətə cəlb olunmalıdır və istefaya getməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. İstintaqa birinc özün gedəcəksən, narahat olma, çünki dəyişiklik hamı ilə bir yerdə olub. Təklifi də komitə verib. Bu məsələni mən indi deyəcəyəm, cavabını da verəcəyik. Ondan sonra komitənin iclası olub. Razılaşma məsələləri olub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Rəsmən təqdim edərik, bilərsiniz. Sizin komitənin üzvü iclasda iştirak etməyib, o başqa məsələ. Stenoqram var, komitənin iclası var.
İkinci, siz lazım olmayanda tapılırsınız, lazım olanda tapılmırsınız. Məsələn, Avropa Şurası...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Qulaq as. Birinci, yerindən danışma, yenə özünü göstərmə. Media onsuz da səni çəkdi. Sual verdin, cavab verdik. İstəmirsən, heç cavab da verilməyəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cavabın veriləcək, yerindən danışma.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Keç, görək hara keçirsən? Qapı açıqdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, bir belə insanın arasında adam  özünü həmişə gülünc aparmaz. Mən sənin sualına cavab verirəm, otur yerində. Sən danışanda sözünü kəsmədilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Boy, nə boy? Heç xəbərin yoxdur ki, söhbət nədən gedir. Adam xəbəri olan şeydən danışar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənim hər şeydən xəbərim var. Mənim xəbərim var ki, Avropa Şurası Parlament Assambleyasının sədrliyinə namizəd seçiləndə, Azərbaycan tərəfindən həm daimi, həm də əvəzedici nümayəndə heyəti buna öz münasibətini bildirməliydi. 20 gün ərzində Müsavat qrupunun hörmətli üzvünü axtardıq, sənə, hamıya müraciət elədik. 20 gün ərzində heç kim ortaya çıxmadı və Azərbaycan tərəfdən 12 imza lazım idi, 11-i getdi. Yəni bunların hamısını biz bilirik, ona görə mən burada bəzi məsələlər xırdalamaq istəmirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay hörmətli Arzu Səmədbəyli,  söz alanda danışarsan. Yerindən  danışma. Siz bazara öyrənməyin. Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Mənim vaxtımdan gedir, ona görə davam edirəm. Deputat həmkarlarımın burada qaldırdıqları məsələni vacib hesab edirəm və onlara qoşuluram. Hesab edirəm ki, Qarabağ məsələsi öz inkişafının yeni mərhələsinə daxil olduğuna görə Azərbaycan parlamenti də  Qarabağla bağlı məsələlərə həssas olmalı və bu istiqamətdə fəaliyyətini artırmalıdır. Amerika hökumətinin Dağlıq Qarabağa birtərəfli qaydada yardımı ilə bağlı işçi qrupu, xüsusi komissiya, bilmirəm, nəsə yaradılmalı, məsələ Milli Məclisdə müzakirə olunmalı və bununla  əlaqədar bir sənəd hazırlanıb Amerika Birləşmiş Ştatlarının əlaqədar strukturlarına göndərilməlidir.
İkinci, hesab edirəm, nə qədər gec olsa da, artıq biz 907-ci düzəlişin də götürülməsi istiqamətində parlamentin səylərini artırmalıyıq. Bu, dünyada analoqu olmayan bir ədalətsizlikdir və burada haqq-ədalət, beynəlxalq praktika bizim tərəfimizdədir.
Üçüncü, qarşıdan Dünya azərbaycanlılarının həmrəylik günü gəlir. Bu məsələləri də ora əlavə etməklə dünya azərbaycanlılarına bir müraciət hazırlamalıyıq. Çox güman ki, ayın axırına qədər bizim bir iclasımız olacaq. O iclasda həmin sənədi qəbul eləmək olar. Amerika Birləşmiş Ştatlarının birtərəfli yardımını, 907-ni və başqa maddələri ora əlavə etməklə dünya azərbaycanlılarından bu məsələdə dəstək almağı vacib hesab edirəm. Əgər Milli Məclis bunu sistemli şəkildə həyata keçirsə, hesab edirəm ki, Qarabağ probleminin həllində bizim atdığımız addımların effekti artacaqdır.
Eyni zamanda, hesab edirəm ki, Qarabağ məsələsinin Ağ evdə çox yüksək səviyyədə müzakirəyə çıxarılmasını, Türkiyə diplomatiyasının tarixində ən layiqli bir səhifənin açılmasını da Milli Məclisin tribunasından qeyd eləməliyik. Milli Məclisin tribunasından Türkiyə hökumətinə təşəkkür eləməyi vacib hesab edirəm. Burada Türkiyə xalqının  təpkisi var, Azərbaycanın davamlı müdafiəsi var. Türkiyə hökumətinin xalqın iradəsinin ifadəsi kimi Ağ evdə bu məsələni prinsipial surətdə qoymasını xüsusi qeyd eləməyi vacib hesab edirəm.
Yeni il gəlir, Yeni il münasibətilə qabaqcadan kimlərsə qiymətləri aşağı salır, mən onları təbrik edirəm. Kimlərsə yalançı endirimlər edir, onları həqiqi endirimə çağırıram. Arzu edirəm ki, onlar Azərbaycanın aşağı təbəqələrinin süfrəsinin açılmasına yardımçı olsunlar. O insanlar ki 2009-cu ilin 50 həftəsində qiymətləri qaldırırlar, onları bu ilin 51-ci həftəsində fikirləşməyə, 52-ci həftəsində isə qiymətləri endirməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, cari məsələlərə ayrılan vaxt başa çatır. Mən də bir-iki kəlmə demək istəyirəm, çünki bu həftə ərzində mənə Milli Məclis üzvlərinin onlarca müraciəti olub. Mən bu məsələlərlə çox məşğul oldum.
Bizim yadımızdadır ki, Amerika  Birləşmiş Ştatlarının Prezidenti cənab Barak Obama 2010-cu ilin büdcəsini Nümayəndələr Palatasına göndərəndə orada heç bir bənddə Dağlıq Qarabağa yardım məsələsi yox idi. Bu məsələni Nümayəndələr Palatasında iyun ayında qaldırdılar. Bu məsələ Senatın yox, yalnız Nümayəndələr Palatasının büdcəsində var idi. Əgər sizin yadınızdadırsa, biz iki komitənin adından həm Nümayəndələr Palatasına, həm də Təxsisatlar Komitəsinə müraciətlər ünvanladıq. Bu məsələlər elə belə də qalmışdı.
Çox təəssüflər olsun ki, son günlərdə Nümayəndələr Palatası yeni büdcə verəndə Dağlıq Qarabağa  8 milyon dollar ayırdı. Ermənistana ayrılanlar isə öz işləridir, öz  daxili məsələləridir. Amerika dövləti kimə istəyirsə, yardım göstərə bilər. Ancaq mən inanıram ki, ədalət təcəssümü saydığımız Amerika dövləti bu məsələdə axıra kimi getməyəcək. Çünki hər hansı bir ölkənin ərazi bütövlüyünü tanıyaraq ora hətta xəstəliyə görə olsa da, maddi yardım göndərilirsə, bu yalnız həmin hökumətin razılığı və dəstəyi ilə olmalıdır. Ancaq bu edilməyib. Amma bu da o demək deyil ki, hələ bu qərar qəbul olunub.
Mən demək istəyirəm ki, bizim bəzi millət vəkilləri çox emosional danışdılar. Hamının ürəyi doludur, başa düşürük. Ancaq bundan da çox gözəl istifadə edirlər. Amerikada fəaliyyət göstərən erməni diasporu, Amerika  erməni milli komitəsi Amerika qəzetlərində konqresmenlərə təşəkkür məktubları dərc etdirirlər. Məsələn, Adam Şifftin, Mark Kirkin, Stiv Rotmanın, Cessi Ceksonun və digərlərinin adına minnətdarlıq məktubu yazılıb. Məktubların əsas məzmunu nədir? Məktublarda yazılıb ki, çox sağ olun, siz iki erməni dövlətinə yardım elədiniz. Görürsünüz, “iki erməni dövlətinə yardım elədiniz” yazırlar. Bütün Amerikaya eşitdirirlər ki, iki erməni dövləti var. Söhbət 8 milyondan getmir, onun mənəvi cəhətindən gedir ki, artıq onlar bu məsələləri insanların beyninə yeridirlər. Amerikada bu işə başlayıblar. Hər şey belə başlayır. Biz buna öz etirazımızı bildirməliyik.
Nümayəndələr Palatası ilə Senat birləşdi, razılaşma komissiyası yaratdılar və bu məsələni ortaya çıxardılar. Ən əsası da odur ki, razılaşma komissiyası nə yazır? Yazılır ki, Azərbaycana ayrılmış 22 milyon dolların müharibədə istifadə edilməyəcəyinə Amerika Dövlət Departamenti cavabdeh olmalıdır. Dağlıq Qarabağa qanunsuz 8 milyon, ermənilərə 41 milyon verirlər, heç nə demirlər, amma Azərbaycana ayrılan 22 milyona razılaşma komissiyası şərt qoyur ki, bu vəsaitdən müharibədə istifadə olunmayacağına Amerika Dövlət Departamenti mütləq təminat verməlidir. Burada heç bir ədalət prinsipi yoxdur. Biz hamımız bilirik, başa düşürük ki, Amerika konqresmenlərinin içərisində ermənipərəst qüvvələr çoxdur. İşləyirlər, birlikləri var, bizim kimi dövlət  əhəmiyyətli məsələləri kənara qoyub, başqa məsələlərə keçmirlər. Biz bu müraciəti Amerika dövlətinə qarşı eləmirik.
Mən hesab edirəm ki, biz bir komissiya yaratmalıyıq, həm Konqresə, həm də Amerikanın yeni prezidentinə, bu yaxınlarda dünyada sülhün möhkəmləndirilməsinə görə Nobel mükafatı almış cənab Obamaya parlament adından müraciət qəbul etməliyik. Biz inamımızı bildirək ki, Azərbaycana qarşı haqsızlıq olmayacaq, Dağlıq Qarabağa ayrılan yardım onun tərəfindən saxlanılacaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dövlət departamenti hələ bunu təsdiq eləməyib. Biz konqresmenlərə, bizim kimi deputatlara öz fikrimizi bildiririk ki, onlar tərəf saxlayırlar, lobbiçiliklə məşğuldurlar. Ancaq Amerika dövləti var, Amerika Dövlət Departamenti, Amerikanın Prezidenti var. Düzdür, parlamentlə hökumət ayrıdır, ancaq son qərarı cənab Obama verir. Mən hesab edirəm ki, biz mütləq parlament adından cənab Obamaya bildirməliyik ki, həqiqətən, onun apardığı siyasətə inanırıq və əminik ki, o bu məsələnin ədalətli həllinə öz köməkliyini göstərəcək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda təklif edərdim ki, 4-5  nəfər millət vəkilindən ibarət redaksiya komissiyası yaradaq, onlar müraciəti hazırlasınlar. Günün axırında həm Konqresə, həm də Amerika prezidentinə bu müraciəti qəbul edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Musa Quliyev, Əli Hüseynov, Fəttah Heydərov, sonra... Özünüz seçin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nəsib Nəsibli. Sonra müxalifət deyər ki, biz iştirak etməmişik. Yevda Abramov,  Elman Məmmədov. Bəs edər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dağlıq Qarabağın azərbaycanlı icmasından Rövşən Rzayev.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qadınlardan nümayəndə göstərməyə mən bir az çəkinirəm, özünüz seçin. Çünki birini deyəndə o biri inciyir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həvva xanım. Olsun, Qarabağdandır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gülər Əhmədova, sakitləşdin? Oldu. Sağ olun.
Bu çox ciddi məsələdir. Səfa müəllim, xahiş edirəm, Aparatdan da  iştirak eləsinlər. Elə olsun ki, biz bir sanballı müraciət göndərək. Biz elə bir müraciət göndərək ki, Amerikanın Prezidenti bu məsələnin millətin hissiyyatına toxunduğunu görsün.
Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihəsidir. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə kiçik bir texniki düzəlişdir. Söhbət “Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməməsi”nə görə məsuliyyəti nəzərdə tutan 317-ci maddəyə edilən əlavədən gedir. Amma biz maddənin adından da görürük ki, burada təkcə dövlət nəzarətindən yox, həm də dövlət metroloji nəzarətindən söhbət gedir. Maddənin özünün dispozisiyasında isə bu, nəzərdə tutulmamışdır. Yəni texniki bir səhv idi və buna görə 317.2-ci maddədə “dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarəti”, sonra isə “habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə” məsuliyyət kimi nəzərdə tutulur. Yəni maddənin adında var idi, amma mətndə yox idi. Biz bu texniki qüsuru bu düzəlişlə aradan qaldırmış oluruq. Yəni sanksiyalar olduğu kimi qalır. Başqa bir dəyişiklik yoxdur. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəlim. Fəzail Ağamalı.
F.Ağamalı. Hörməti həmkarlar, hörmətli sədarət! Mən təqdim olunmuş qanun layihəsinin qəbul edilməsinin tərəfdarıyam və ona səs verəcəyəm. Lakin İnzibati Xətalar Məcəlləsi ilə bağlı başqa bir təklifim var. İcazənizlə, onu diqqətinizə çatdırmaq istəyərdim.
Hörmətli Ziyafət müəllim, bildiyiniz kimi, dekabr ayının 11-də Azərbaycan Respublikası Milli Məclisinin deputatları ilə Ümumi Ticarət Təşkilatı Layihəsi mütəxəssislərinin birgə dəyirmi masası keçirildi. Deyərdim ki, dəyirmi masa çox səmərəli oldu, orada kifayət qədər tanınmış mütəxəssislər çıxış etdilər, ayrı-ayrı məsələlər haqqında təqdimat verdilər. Millət vəkilləri də orada bununla bağlı öz fikirlərini ifadə  etdilər. Lakin bəlli oldu ki, bu gün məhz İnzibati Xətalar Məcəlləsində əqli mülkiyyətlə bağlı nəzərdə tutulmuş sanksiyalar kifayət qədər az olduğuna görə müəlliflik...
Sədrlik edən. Fəzail müəllim, zəhmət olmasa, bir az mikrofona yaxın danışın.
F.Ağamalı.  İnzibati Xətalar Məcəlləsində sanksiyaların verilməsində müəyyən dərəcədə boşluqlar və ya cüzi xarakter daşıyan məqamlar olduğuna görə, əqli mülkiyyətin və eyni zamanda, müəlliflik hüququnun qorunmasında çox ciddi problemlər var. Bu həm Azərbaycanın maddi mədəniyyət abidələrinə, həm internetin ayrı-ayrı sahələrinə, həm də müəlliflik hüququna aiddir və sair və ilaxır. Beləliklə, bundan istifadə edən piratlar əqli mülkiyyətin imkanlarından ən müxtəlif şəkildə istifadə edərək külli miqdarda pul qazanır və beləliklə, onların hüquqları müdafiə olunmur. Ona görə də mən təklif edərdim ki, İnzibati Xətalar Məcəlləsində əqli mülkiyyətlə, müəllif hüquqlarının qorunması ilə bağlı müddəalar, sanksiyalar sərtləşdirilsin və bu piratçılığa ciddi şəkildə son qoyulsun.
Hörmətli Ziyafət müəllim, mən yazılmışdım, ancaq vaxt çatmadı, fikrimi deyə bilmədim. Mən gec də olsa, həmin fikirlərə qoşuluram, lakin bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ola bilsin ki, millət vəkillərinin əksəriyyətinə bu məktub ünvanlanıbdır. Söhbət nədən gedir? Artıq bir ildən yuxarıdır ki, Azərbaycan vətəndaşı, Azərbaycanın tanınmış alimlərindən biri Əliyev Rəşid Əli oğlu İran İslam Respublikasında həbs olunubdur. İndiyə qədər onun həbsinin motivi bilinmir.
Sədrlik edən. Fəzail müəllim, mən xahiş edirəm, onu iclasdan sonra təqdim edəsiniz.
F.Ağamalı. Sadəcə olaraq, ayrı söz demək istəyirəm.
Sədrlik edən. Axı, yeri deyil.
F.Ağamalı. Mən xahiş edirəm, Siz İran İslam Respublikası ilə dostluq qrupuna tapşırıq verəsiniz ki, onlar bu məsələlərin aydınlaşmasına öz töhfələrini verə bilsinlər. Sağ olun.
Sədrlik edən. Aydındır, sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən də təqdim olunan qanun layihəsində irəli sürülən müddəaların bu gün Milli Məclisdə qəbul edilməsinin tərəfdarıyam. Komitə sədri hörmətli Əli müəllim bu barədə geniş məlumat verdi, deputat həmkarım Fəzail Ağamalı da öz fikirlərini dedi. Mən bunlarla şərikəm, amma bir məsələni burada demək istəyirəm. Ziyafət müəllim, yarım saat ərzində müzakirə olunan məsələlərə görə mən Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Komissiyanın yaradılması, məsələyə belə ciddi reaksiyanın verilməsi və bunun qarşısının alınması istiqamətində gördüyümüz tədbirlər təqdirəlayiqdir.
Eyni zamanda, Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirəm ki, müxalifətli-iqtidarlı parlamentdə təmsil olunan bütün siyasi partiyalar iclasdan qabaq toplandılar. ABŞ hökumətinə, onun Senatına müraciət qəbul olundu. Müraciətdə kəskin ifadələr verilir və bizim iradlarımız bildirilir. Güman edirəm ki, belə bir məsələyə həm hakimiyyət, həm ictimaiyyət, həm də siyasi partiyalar tərəfindən bu cür münasibət bildirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə qeyri-hökumət təşkilatları və digər qurumlar da öz səsini qaldırmalıdırlar. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr    (saat 12.44 dəq.)
Lehinə                                        89
Əleyhinə                                      0
Bitərəf                                          1
Səs verməd                               0
İştirak edir                                 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu gün parlamentin müzakirəsinə çox vacib, əhəmiyyətli bir Konstitusiya qanunu təqdim olunmuşdur. Parlamentin çox yaxından iştirak etdiyi, hazırladığı və təqdim etdiyi Konstitusiyaya əlavələr və dəyişikliklər haqqında referendum aktı qəbul olunduqdan sonra artıq bizim qarşımızda Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən irəli gələn bir sıra qanunların, o cümlədən Konstitusiya qanunlarının müzakirə edilib qəbul edilməsi vəzifəsi durur. Keçən dəfə Milli Məclisdə belə bir layihə müzakirə olundu və irad səsləndi ki, zamanında biz bunu çox geniş təbliğ edirdik, amma indi bu proses ləng gedir. Amma opponentlərimiz, yəqin ki,  Normativ hüquqi aktlar haqqında qanun layihəsi ilə tanış olduqdan sonra əmin olurlar ki, referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn yeni qanunlar və Konstitusiya qanunları çox mürəkkəb, ciddi sənədlərdir və bunların üzərində ciddi işləmək lazımdır.
Bu, təqdim olunmuş ilk Konstitusiya qanunudur. Bilirsiniz ki, referendum zamanı normativ hüquqi aktları özündə ehtiva edən 149-cu maddəyə də 8-ci bənd əlavə edilmişdir: “Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir”. Amma gördüyümüz kimi, təqdim olunmuş layihə Normativ hüquqi aktlar haqqında qanun layihəsidir. Düşünürəm ki, əslində, bu, cənab Prezident tərəfindən atılmış çox düzgün bir addımdır. Bütün normativ hüquqi aktları əhatə edən, o cümlədən 8-ci bəndə edilmiş dəyişiklikdən sonra normativ hüquqi aktların dərc edilmə qaydasını özündə ehtiva edən geniş bir Konstitusiya qanunu təqdim olunmuşdur. Etiraf etmək lazımdır ki, 1999-cu ildə qəbul edilmiş “Normativ hüquqi aktlar haqqında” Qanun qüvvədədir və indiyə qədər bir çox məsələləri tənzimləyib. Amma yeni bir mərhələni yaşayırıq. Normativ hüquqi aktların müasir tələblərə uyğun tərtib olunması, qanunvericilikdə olan boşluqların aradan qaldırılması üçün müasir standartlara və bir sıra öhdəliklərimizə cavab verən şəkildə yenidən hazırlanması günün zərurətidir. Bu baxımdan normativ hüquqi aktlar haqqında yeni bir Konstitusiya qanununun qəbul edilməsi zəruri olmuşdur.
Layihə, əlbəttə ki, çox genişdir və burada kifayət qədər maraqlı müddəalar mövcuddur. “Ümumi müddəalar”da çox geniş, dəqiq şəkildə anlayışlar verilmişdir. Amma hüquq nəzəriyyəsində fərqli fikirlər olur. Müxtəlif alimlərin də hüquqi anlayışlarla bağlı fərqli fikirləri var. Əlbəttə ki, millət vəkilləri, peşəkar hüquqşünaslar da bu sarıdan öz fikirlərini söyləyəcəklər və biz “Ümumi müddəalar”dakı maddələrə bir daha baxa biləcəyik.
Konstitusiyanın 148-ci maddəsində normativ hüquqi aktların növləri sadalanmışdır və bu qanunda, sadəcə, bu maddəyə bir daha istinad olunur. Normativ qanunvericilik sisteminə aşağıdakı normativ hüquqi aktlar daxildir: Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanının normativ aktları. Bu qanunun tətbiq dairəsi, normativ xarakterli aktlar da “Ümumi müddəalar”da öz əksini tapmışdır.
Parlament, təbii ki, ilk növbədə qanunvericilik fəaliyyəti ilə məşğuldur. Bu baxımdan hamımızı narahat edən bir məsələ −  qanunvericilikdə mövcud olan boşluqlar, normativ hüquqi aktların kolliziya məsələləri bu qanunun II fəslində geniş göstərilmişdir.
III fəsildə normativ hüquqi aktların növləri və onların formaları şərh olunur. Bu, Milli Məclisin normativ hüquqi aktları, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları, Nazirlər Kabinetinin normativ hüquqi aktları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarıdır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir maddədə Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları da öz əksini tapmışdır.
Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı münasibətləri də qanunda konkret göstərilmişdir. Baxmayaraq ki, Konstitusiyamızın 151-ci maddəsi bu məsələni şərh edir, biz onu bəzən təfsir edirik. Amma 22-ci maddə bu münasibətləri, yəni beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı münasibətlərini dəqiq şəkildə ehtiva edir.
V fəsildə normativ hüquqi aktların hazırlanması, onlara irəli sürülən ümumi tələblər dəqiq şəkildə göstərilmişdir: “Normativ hüquqi aktlar daxilən uzlaşdırılmış, məntiqli qurulmuş və normayaratma texnikasına uyğun olmalıdır”; “Normativ hüquqi aktın hüquqi normaları verildikdə həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrdən, habelə eyni məsələ üzrə normativ göstərişlərin təkrarlanmasından və onların çoxluğundan yayınmaq lazımdır”; “Normativ hüquqi aktın, bölmənin, fəslin və maddənin adları yığcam olmalı, aydın ifadə edilməli və onun əsas mahiyyətini əks etdirməlidir”. Məncə, bu, qanun yaradıcılığı ilə məşğul olan  parlamentarilərin gündəlik rast gəldikləri məsələlərdir və qanun layihələri hazırlanarkən, əlbəttə ki, hər birimiz üçün əhəmiyyətlidir.
Normativ hüquqi aktların rekvizitləri 28-ci maddədə öz əksini tapmışdır.
Hamımız bilirik ki, hüquq sisteminin sabitliyi narahatçılıq doğuran bir məsələdir. 38-ci maddənin xüsusi bir norması bu məsələni tənzimləməyə yönəlib: “Qanunlar və ya fərmanlarda digər hallar nəzərdə tutulmadıqda normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir”. Yəni konkret olaraq müəyyənləşdirilir ki, 6 ay ərzində dəyişiklik etmək olmaz. Amma əlbəttə ki, əgər bır sıra ekspertiza rəyləri mövcuddursa, onun əsasında bu, mümkün ola bilər.
“Normayaratma prosesi” adlı fəsildə maraqlı bir müddəa qeyd olunmuşdur: “Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihəsinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir”... Məncə, bu, qanun yaradıcılığı prosesinin tənzimlənməsinə xidmət göstərəcək çox müsbət bir norma ola biləcəkdir.
Normativ hüquqi aktların və onların layihələrinin sui-istifadə əleyhinə ekspertizasının keçirilməsi ayrıca bir fəsildə öz əksini tapıb. Təəssüf ki, bəzən qanun yaradıcılığı prosesində bu cür hallara yol verilir. Deməzdim ki, buna bilərəkdən yol verilir, amma bəzən bu cür hallar texniki qüsurlar nəticəsində baş verir. Bilirik ki, Konstitusiyada qanunvericilik təşəbbüsü subyektləri öz əksini tapmışdır. Bu Konstitusiya qanununda məsələlər daha geniş şərh edilmiş, qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinin təminatları konkret olaraq göstərilmişdir.
Hesab edirəm ki, hamımız üçün maraqlı və mütərəqqi hallardan biri də 74.1-ci maddədə göstərilən müddəa ola bilər: “Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisində layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir”. Əlbəttə, çox müsbət bir hal ola bilər ki, bu hüquqdan daim istifadə olunsun və qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi də parlamentdə çıxış etmiş olsun.
“Azərbaycan Respublikasının hüquqi aktlarının dövlət reyestri” adlı XIII fəsil də çox vacib fəsillərdən biridir. Ümumiyyətlə, normativ hüquqi aktların dövlət reyestrinə daxil edilməsi qaydası xüsusi bir fəsildə öz əksini tapır. Belə demək mümkündürsə, hər bir vətəndaş, dövlət və hakimiyyət orqanının hər bir nümayəndəsi üçün bu, açıq olur və sistemləşdirilmiş bir şəkildə istifadə olunur.
“Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi” adlı XIV fəsil isə birbaşa olaraq bizim referendum zamanı Konstitusiyanın 149-cu maddəsinə əlavə etdiyimiz 8-ci bənddən irəli gəlir. Qeyd etdiyim kimi, bu fəsillə referendumdan irəli gələn məsələləri ehtiva etmiş oluruq. Burada konkret olaraq normativ hüquqi aktın dərc edilməsi, qüvvəyə minməsi müddəaları öz əksini tapmışdır. Bu Konstitusiya qanununun qüvvəyə minməsi ilə bağlı fəsildə xüsusi norma var. Bu, 96-cı maddədir. Əgər bu Konstitusiya qanunu parlamentdə qəbul olunarsa və cənab Prezident tərəfindən imzalanarsa, onda indiyə kimi mövcud olan və bu məsələləri tənzimləyən 1999-cu il tarixli “Normativ hüquqi aktlar haqqında” Qanun qüvvədən düşmüş hesab olunacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Hörmətli deputatlar, nəzərə alaq ki, bu çox ciddi bir qanun layihəsidir. Həcminə görə də, məzmun etibarı ilə də çox məsələləri özündə əhatə edir. Ona görə biz qərara gəldik ki, bu qanun layihəsini 3 oxunuşdan keçirək. Bu gün qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlayırıq. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, qanun kifayət qədər ciddi bir əməyin məhsuludur və iki baxımdan olduqca zəruri qanundur. Ötən dəfə xatırlayırsınızsa, qeyd etmişdik ki, Konstitusiyada referendum nəticəsində edilən əlavə və dəyişikliklərlə bağlı iki Konstitusiya qanununun qəbul olunması vacib olaraq göstərilibdir. Birinci, əvvəllər prezident seçilmiş şəxslərin təminatı, bir də, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu. Nəhayət ki, biz birini qəbul etdik, o biri qaldı. Bu da mütləq vaxtı keçmədən qəbul olunmalıdır. Bu baxımdan mən bu qanunun müzakirəyə çıxarılmasını müsbət hesab edirəm.
İkinci, son ötən həftə baş verən bir insident bu qanunun zəruri olduğunu bir daha ortaya qoydu. Bayaq deputat həmkarım Pənah Hüseyn qeyd etdi, sayğacların quraşdırılması ilə bağlı qanunda dəyişikliklər edilməsi mexanizmi olduqca təhlükəli tendensiyadan xəbər verir. Burada verilən izahatla bağlı demək istəyirəm ki, açığı, ən yaxşı halda bu məsələyə izahat verməyə heç ehtiyac yoxdur, çünki qanun qəbul olunandan sonra əgər komitə iclası keçirilib təzədən qanunda dəyişiklik ediləcəksə, bu, millət vəkillərinə hörmət gətirməyən bir hadisədir. Qanun burada qəbul olunur. Qanunun hansı müddəaları qəbul olunmursa, o geri qaytarılır, təzədən başqa formada burada müzakirə olunur və qəbul olunur. Səs çoxluğu da hakim partiyadadır, istənilən qanunu qəbul edə bilər. Bu cür düzəlişlər edilməsi ölkədə hüquqi nihilizmə gətirib çıxara bilər. Mən öz praktikamdan deyirəm ki, burada qanun qəbul olunandan sonra partiyanın qərargahına qaz təminatı üçün sayğac qoyulması ilə bağlı...
Sədrlik edən. Fazil müəllim, mahiyyəti üzrə danışın.
F.Mustafa. Mən sizə mahiyyəti deyirəm. Mən qaz çəkilməsi ilə bağlı müraciət edəndə əsaslandırdım ki, biz belə bir qanun qəbul etmişik və siz bu sayğacı pulsuz qoymalısınız. Mənə bildirdilər ki, siz çox səhv edirsiniz. Açığı, o qanunu aparmışam ki, onlara təqdim edəm. Mənə dedilər ki, siz səhv danışırsınız, elə qanun yoxdur, bizə gələn qanun budur. Ona görə də belə pərt vəziyyətə düşməmək üçün ən azı qanunda hansı dəyişiklik olacaqsa, hansı komitədə sonradan müzakirə olunacaqsa əvvəlcədən xəbərdarlıq etsinlər. Biz, heç olmasa, başqa orqanlarla mübahisəyə girişməyək. Mən bu baxımdan hesab edirəm ki, qanunun bu gün müzakirəyə çıxarılması vacibdir.
Qanunda bütün detallar kifayət qədər əhatəli əks olunubdur. Bu olduqca müsbət bir haldır. Elə boşluq saxlamaq lazım deyil ki, sabah hər hansı bir şəkildə sui-istifadəyə yol verilsin. Bununla belə, Əli müəllim də çox dəqiq qeyd etdi ki, bəzi müddəalar, orada müəyyən məsələlərin açılışı mübahisə doğuracaq. Məsələn, “hüquq” anlayışı bir qədər mübahisə doğurur. Çünki təkcə dövlət tərəfindən müəyyən olunan normativ məcburi tənzimlənən qaydalar nəzərdə tutulmur. Adət hüququ var, başqa hüquqlar var. Elə hüquq var ki, heç dövlət kateqoriyasına aid edilmir. Dövlət ancaq qanunla bağlı məsələdə məcburi tətbiqetmənin əsas subyekti kimi götürülə bilir. Ona görə də bu məsələ bir daha hüquqşünaslarla, xüsusilə də bu barədə yazıları, kitabları çıxan hüquqşünaslarla ciddi müzakirə olunmalıdır.
Sonra, burada sui-istifadə ilə bağlı maddələrə xüsusi yer verilməsi olduqca müsbət haldır. Amma bu sui-istifadədə də son vaxtlar bir ənənə yaranıb. Hər bir sui-istifadəni korrupsiya ilə əlaqələndirməyə çalışırıq. Məsələn, kiminsə qisas məqsədilə etdiyi sui-istifadənin korrupsiyaya hansı isə bir aidiyyəti olduğunu müəyyən etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, “normativ hüquqi aktdan sui-istifadə imkanı” anlayışının yalnız korrupsiya üçün şərait yaradılması kimi tövsif edilməsi, məncə, yanlışdır.
Bir də, mən bu maddələrə toxunmuram, ikinci oxunuşda onlara münasibət bildirəcəyəm. Amma istəyirəm ki, prinsipial məsələlərə münasibət bildirəm. Bir var normativ hüquqi aktlar, bir də var normativ xarakterli aktlar. Burada ikisinin də müəyyən mənada anlayışları verilibdir. Konstitusiyada yalnız Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun qəbul edilməsindən söhbət gedir. Məncə, normativ xarakterli aktlarla bağlı adi, sadə qanun qəbul olunmalıdır. Onun bu kateqoriyaya daxil edilməsi doğru deyil. Nəyə görə? Təsəvvür edin ki, Məhkəmə-Hüquq Şurasının, yaxud da Milli Televiziya və Radio Şurasının hər hansı isə qərarı olacaqdır. O qərarın  prosedurunda, strukturunda hansı isə bir dəyişiklik yaratmaq üçün Konstitusiya qanununu təzədən dəyişməliyik? Buna aid olmayan bir məsələdir. Bunu ayırmaq lazımdır. Ola bilər, Əli müəllim bəlkə başqa bir arqument söyləyəcək, biz də razılaşacağıq. Amma bunu ancaq normativ hüquqi aktlara aid edilən bir Konstitusiya qanunu kimi qəbul etməliyik. Normativ xarakterli aktları isə ayrı bir qanunda daha detallı şəkildə göstərməyimiz vacibdir.
Nəhayət, qanunun sonundakı əlavələrlə bağlı demək istəyirəm. O əlavələr hansı texniki prosedura dayanaraq qanuna əlavə edilir? Bunu qanunun tətbiqi ilə bağlı fərmanla, yaxud da bir sərəncamla göstərmək daha doğru olar, nəinki qanuna hansısa əlavə detalları qoşmaqla. Bu, qanunvericilik texnikası baxımından o qədər uğurlu variant sayıla bilməz. Amma ümumiyyətlə, mən bu qanunun qəbul olunmasına səs verəcəyəm. Hesab edirəm ki, bu qanunun ardınca digər Konstitusiya qanununun da qəbul olunmasını komitə sürətləndirməlidir, çünki Konstitusiyaya hörmət baxımından bu, olduqca vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Sizi təqdir edirəm, həqiqətən, bu qanunun üç oxunuşdan keçməsinə ciddi ehtiyac var idi. Bu baxımdan, yəqin, bu, qəbul edilir, mən belə başa düşdüm. Hörmətli Milli Məclis, biz dəfələrlə burada Prezidentin imzası ilə daxil olan böyük və kiçik həcmli qanunların keyfiyyəti barədə danışmışıq. Digər deputatlar da danışıb, mən də. Amma mən Milli Məclisə və deputatlara bu dərəcədə hörmətsiz  bir münasibəti əks etdirən sənəd görməmişəm. 400 orfoqrafik səhv var. Orfoqrafik səhvləri qoyduq bir qırağa, bu, Prezident Administrasiyasından, 47 milyon manat büdcəsi olan bir administrasiyadan Prezidentin imzası ilə gəlir. Bizə, Milli Məclisə hörmət etmirlər, Prezidentlərinin imzasına hörmət etsinlər.
Mən  sizə buradakı cümlələrdən 2-3-nü oxuyum, görün, bu nə deməkdir? 1.12. “Kodifikasiya − normativ hüquqi aktların ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsinə yönələn hüquqi təlimatların sistemləşdirilmiş ifadəsini əks etdirən vahid normativ hüquqi aktda birləşdirilməsi yolu ilə normativ hüquqi aktlar ilə müəyyən edilmiş hüquqi tənzimlənmə mahiyyətinin yenidən işlənməsi ilə müşayiət olunan onların sistemləşdirilməsinin növü”. Bu, erməni budaq cümləsidir.  Mən saydım, mühüm  anlayış xarakterli cümlələrin 90 faizi bu şəkildədir.
Bir başqasına diqqətinizi cəlb edirəm. 1.0.17. “normayaratma fəaliyyəti −  normativ hüquqi aktların hazırlanması, ekspertizası” və sair. 1.0.19 yenə “normayaratma fəaliyyəti”. Yəqin ki, normayaratma təşəbbüsü demək istəyiblər. Məzmunundan o məlum olur. Belə şey olar?   Bu nə münasibətdir?
Yaxud mən sizin diqqətinizə başqa bir müddəanı çatdırım. Burada 48-ci maddənin 3 və 4-cü bəndlərinə istinad olunur. 48-ci maddədə, ümumiyyətlə, bəndlər yoxdur.  Yəqin, 49-cu maddəni nəzərdə tutublar.
Yaxud axırıncı cədvələ diqqət edin. Yazılıb: “Formal-texniki korrupsiyaya məruz qalma”. Ayıbdır. Yəqin ki, sui-istifadə amilləri maddəsi var, texnik şəxslərin olmamasını nəzərdə tuturlar.  Mən təkrar edirəm, belə bir rüsvayçılıq, belə bir biabırçılıq olmaz. Hörmətli cənab Prezidentin imzası ilə Milli Məclisə göndərilmiş və digər normativ hüquqi akt üçün standart olan, onları dəyərləndirən, onlar üçün üslubu, mahiyyəti, formanı müəyyən edən, müəllim xarakterli bu qanunun özü heç bir standarta, o cümlədən qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə cavab vermir. O cəhətdən bu qanuna 10 ballıq sistemlə “0”, 5 ballıq sistemlə “2”.
Konseptual xarakterli məsələyə gəlirəm. Hörmətli Milli Məclis, belə məlum olur ki, biz yavaş-yavaş respublika quruluşunun tabutuna bir-bir mismar vurmaqda davam edirik. Sübut, 43-cü maddəyə baxın. Məlum olur ki, artıq Milli Məclis özünün qanunvericilik təşəbbüslərini planlaşdırarkən onları əvvəlcədən icra hakimiyyətinin başçısı olan Prezidentlə razılaşdırmalıdır. Bu bir tərəfə, lazım olduqda Nazirlər Kabineti ilə də razılaşdırmalıdır. Yəni bu artıq parlament olmadı ki?!
İkinci, yenə 43-cü maddəyə diqqət edin. Bu maddədə qanunvericilik layihələrinə qoyulan tələblər irəli sürülür. Bundan sonra, hörmətli deputatlar, − xüsusilə müxalifətə müraciət edirəm, − bizim qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırmağımız getdi. Niyə? Çünki həmin layihəni hüquqi ekspertizadan keçirməliyik, müəyyən olunmuş çox ciddi tələblərə uyğun arayış hazırlamalıyıq və sair. Hətta linqvistik ekspertlərin də bu qanuna rədd qiymət verməsi qanunvericilikdə təsbit olunubdur. Əvvəlki qanunda isə, heç olmasa, “müstəqil elmi ekspertiza” anlayışı var idi. Artıq burada müstəqil elmi ekspertiza yoxdur ki, − məsələn, bizim şöbələr, müvafiq icra hakimiyyəti orqanlarının hüquq şöbələri nəzərdə tutulur, − ortalığa obyektiv ekspertiza qoya bilək.
Diqqət edin, Referendum haqqında Konstitusiya Aktı qəbul olunandan sonra mən bir neçə dəfə məsələ qaldırmışdım ki, niyə Prezidentin imzası ilə gələn qanun layihələrinə arayışlar əlavə edilmir? Halbuki referendumda əsaslandırılmış sənədlərin  əlavə edilməsi məsələsi var. Bu təkcə referendumla bağlı deyil. Açığı, bu mənim diqqətsizliyimdir. Məlum olur ki, mövcud olan qanunda da təklif olunan qanun layihələrinə əsaslandırılmış arayışların tətbiq olunması nəzərdə tutulur. Biz 5-ci ildir, deputatıq, mən heç vaxt Prezident Administrasiyasından gələn qanun layihələrinə belə bir arayışın əlavə olunmasını görməmişəm. Qanunun bu maddəsinə əməl olunmayıb, indi də Konstitusiyaya əməl olunmur. İndi vəziyyət necədir? Yazılır ki, deputatlar və digər qanunvericilik təşəbbüsü hüququnun subyektləri bunları etməlidir, lakin Prezidentin adından gələn layihələr bu sənədə əlavə edilmir, Prezident yalnız müşayiət məktubu ilə bu təşəbbüsü göndərir. Guya o sənədlər varsa, Prezident Administrasiyasında saxlanmalıdır. Burada təkcə müxalifəti deyil, elə YAP-ı təmsil edən deputatlar da deyiblər ki, yaxşı olar, qanunlara arayış verilsin, iqtisadi əsaslandırmaya aid sənədlər ora əlavə edilsin və sair. Yəni qanunun xarakterindən irəli gələn məsələlər haqqında deputatların doğru-düzgün anlayışı olsun və onlar, həqiqətən, bilərəkdən səs verib siyasi iradələrini ifadə etsinlər. Bunlar olsun. Bu məsələdən boyun qaçırmaq üçün artıq xüsusi olaraq əlavə olunur ki, Prezidentin imzası ilə gələn  layihələrə yalnız müşayiət məktubu əlavə olunur. Bu ayrı-seçkilik nəyə lazımdır? Niyə qanunvericilik təşəbbüsü hüququnun subyektləri arasında bu cür qeyri-bərabərlik qoyulur? Bu, Milli Məclisin və deputatların hüquq və səlahiyyətlərinə, bütövlükdə respublika idarə üsuluna vurulan çox ciddi zərbələrdən biridir.
Üçüncü, Konstitusiyada normativ hüquqi aktların dərci məsələsi var. Bu məsələ də qanunda öz əksini tapdı. Lakin biz mövcud qanunvericilikdən geriyə getmişik.  Mövcud qanunvericilikdə  sərəncamların normativ hüquqi aktlara aid edilib-edilməməsi məsələsi açıq qalırdı. Ümumiyyətlə, mən başa düşmürəm, Prezident Administrasiyasının rəhbərinin  təyin edilməsi, yəni birdəfəlik  akt olan məsələ fərmanla tənzimlənir, amma milyardlarla büdcə vəsaitinin xərclənməsini özündə əks etdirən bir çox məsələlər sərəncamla tənzimlənir. Faktiki olaraq ölkə qanunlarla yox, qərarlarla idarə olunurdu. Bundan sonra isə daha qərar və fərmanlarla yox, sərəncamlarla idarə olunacaq. Niyə? Çünki sərəncamların dərci, onların şəffaf olması bu qanunda nəzərdə tutulmur. Halbuki mövcud qanunvericilikdə bu sərəncamların, heç olmasa, müvafiq qanunvericilik toplularında dərci məsələsi nəzərdə tutulmuşdu.
Bu baxımdan hörmətli Ziyafət müəllimin təklif etdiyi çox yerinə düşdü. Bu məsələ çox ciddi bir şəkildə müzakirə olunmalıdır. Mən çox təəssüf edirəm, burada deyildi ki, bizim hüquqşünaslar da bu qanunun üzərində işləyiblər. Mən bir daha təkrar edirəm, ümumiyyətlə, bu qanunun üzərində işlənməyib. Bu, kompüter proqramı ilə edilən tərcüməyə bənzəyir. Hörmətli Ziyafət müəllim, Siz alim, hüquqşünassınız. Yəqin, baxmısınız, bu, adi insan dilində yox, kompüter proqramı ilə tərcümə olunmuş mətnə bənzəyir. Bizim savadlı hüquqşünaslarımız, mütəxəssislərimiz var. Əgər onlar bunu oxusaydılar, bu onların ekspertizasından keçməzdi. Nəinki onların, hətta hüquqşünas olmayan ibtidai sinif müəlliminin də ekspertizasından  keçməzdi. Bu, hüquq fakültəsinin tələbəsinin də ekspertizasından keçməzdi. Çox təəssüf ki, bu sənəd dövlət başçısının, Prezidentin imzası ilə parlamentə gəlib. Bu, yaranmış hüquq nihilizmin, qanunvericilikdə baş verən xaosun və ölkənin xoşagəlməz istiqamətə meyillənməsinin bir təzahürüdür. Bu məsələyə ciddi şəkildə diqqət verilməlidir. Hesab edirəm ki, cənab Prezident və Prezident Administrasiyası bu deyilən məsələləri, nəhayət ki, aydınlaşdırmalı və bu cür halları aradan qaldırmalıdırlar. Yoxsa, bu da siyasi məsələdir deyəcəyik.
Sədrlik edən. Pənah bəy, qanunu bəhanə edib ürəyini o ki var boşaltdın. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Müzakirəyə çox aktual bir qanun layihəsi çıxarılıb. Konstitusiya qanunu kimi çox vacibdir. Qanunun ikinci vacib cəhətini də qeyd etmək istəyirəm. Müstəqillik dövründə artıq üçüncü dəfədir ki, biz normativ hüquqi aktlar haqqında qanun qəbul edirik. Birinci qanun 1994-cü ildə, ikinci 1999-cu ildə qəbul olunub. İndi isə üçüncü qanun müzakirəyə çıxarılıb və yəqin ki, 2010-cu ildə qəbul olunacaq.
Qanunun konsepsiyasını vacib, düzgün hesab edirəm. Eyni zamanda, hesab edirəm ki, bu, 3 dəfə təkmilləşdirmədən keçən qanun kimi ortaya çıxırsa, artıq dördüncü qanunun olmaması üçün bunun kifayət qədər  təkmilləşdirilməsinə ehtiyac var. Birinci növbədə, bu qanun qanunvericilik  sənədlərinin hazırlanması, qəbulu və qəbuldan sonra onlardan istifadənin əsas  münasibətlərini ifadə etdiyinə görə, indi yaranmış situasiyaya, indiki dövrün səviyyəsinə uyğun olmalıdır. Obyektiv yanaşsaq, əksər sahələrdə biz minimum səviyyədə qanunvericilik sənədlərini işləyib hazırlamışıq. İndi elə bir mərhələdəyik ki, bəzi boşluqların aradan qaldırılması üçün yeni qanunların qəbul edilməsinə, əsasən, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsinə, qanunların arasındakı ziddiyyətlərin aradan qaldırılmasına və bir də, beynəlxalq hüquq səviyyəsində qəbul edilən sənədlərlə Azərbaycan qanunvericiliyinin uyğunlaşdırılması istiqamətində intensiv, ciddi işlərin görülməsinə ehtiyac var. Məsələyə bu kontekstdən yanaşanda mən bu qanunu vacib hesab edirəm, amma həyatın özünün diktə etdiyi sahələr üzrə bir sıra istiqamətlərdə bunun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirirəm.
İlk növbədə, xüsusi olaraq qeyd etmək istərdim ki, Milli Məclisə daxil olan qanunlara münasibətdə Konstitusiyanın əsas prinsipi olan hakimiyyət bölgüsü və Milli Məclisin məhz qanunverici hakimiyyət olmasının üstünlüyü öz ifadəsini tapmalıdır. Yəni ağırlıq mərkəzinin fərmanlardan, sərəncamlardan, Nazirlər Kabinetinin qərarlarından məhz qanunlara keçirilməsi məsələsi qanunvericilikdə elə qoyulmalıdır ki, bu həm Konstitusiyaya uyğun olsun, digər tərəfdən dövrün tələblərinə cavab versin.
İkinci məsələni mən xüsusi qeyd etmək istəyirəm. Biz qanunvericilik sənədlərini əvvəl komitələrdə müzakirə edirik, sonra plenar iclasa çıxarırıq. Çox vaxt burada müəyyən məhdudiyyətlər ortaya çıxır. Bu da ondan ibarətdir ki, komitələrdə müzakirə ilə plenar iclasa çıxarılana qədər olan müzakirələr bir-biri ilə elə uyğunlaşdırılmalı, elə tarazlaşdırılmalıdır ki, həmin qanunvericilik sənədlərində lazımi əlavələrin, dəyişikliklərin edilməsinə yer qalmış olsun. Məsələn, mən bir misal çəkmək istəyirəm.  Bank olmayan kredit təşkilatları haqqında qanun layihəsi oktyabr ayında qəbul edilə bilərdi. Əgər bizim haqlı iradlarımız vaxtında nəzərə alınsaydı, artıq onun qəbulu yeni ilə keçməzdi. Ona görə də hesab edirəm ki, qanun layihəsini hazırlayan təşkilatlarla razılaşmada bir operativlik və konstruktivliyin olmasına ehtiyac var. Bu sahədə bir sıra komitə sədrləri operativlik nümayiş etdirməlidirlər. Həmin nümunənin geniş yazılmasına ehtiyac var və buna nail olmaq lazımdır.
Növbəti bir məsələni qeyd etmək istəyirəm. Qanunlar Milli Məclisin vebsaytında öz əksini tapır və ictimai müzakirəyə yaşıl işıq yandırılır. Amma elə qanunlar da var ki, Milli Məclisin müzakirəsinə çıxarılmazdan qabaq “Azərbaycan” qəzetində və digər qəzetlərdə dərc olunaraq ictimai müzakirəyə çıxarılsa və bütün cəmiyyətin, mütəxəssislərin rəyləri nəzərə alınmaqla onlarda düzəliş edilsə, artıq plenar iclasa çıxarılan zaman bu qədər problemli fikir toqquşmalarına yer qalmaz. Bu da çox vacibdir.
Mən ürək ağrıdan bir məsələni də burada qeyd edəcəyəm. Elə zaman olur ki, qanun Prezident Administrasiyasından gəlir. Administrasiya yalan olur, bəzi hörmətli deputatlar gerçək. Bəzən sənəd heç komitəyə çatmadan elə müdafiələr olur ki, bu,  Milli Məclisin  imicinə həddən artıq ciddi bir zərbə vurur. Ona görə də bu sui-istifadə halları qanunda öz əksini tapıb. Mən bunun layihədə geniş formada öz əksini tapmasını alqışlayıram və bunun nisbətən dərinləşdirilməsi də vacibdir. Mən təklif edirəm ki, qanun layihəsi bizim stolumuzdakı monitora da köçürülsün ki, tez-tez qanuna baxmaq, yaxud da kimsə sui-istifadə hallarından istifadə edəndə qanunun həmin maddəsinə baxmaqla operativ surətdə müraciət etmək imkanımız olsun. Belə bir variant Milli Məclisin imicinə müsbət xal gətirər, qanunvericilik sənədlərinin də işlənib hazırlanması işinin səmərəliyini artırar.
Növbəti bir məsələni də qeyd etmək istəyirəm. Biz Avropaya inteqrasiya edirik, qonşuluq siyasəti çərçivəsində işlər görürük. Litva parlamenti ilə Azərbaycan parlamentinin əməkdaşlığı çərçivəsində qanunvericilik sənədlərinin hazırlanması istiqamətində çox səmərəli işlər gedir. Burada bir məqamı −  bizim qanunlarımızın Avropa qanunlarına, Ümumdünya Ticarət Təşkilatının şərtlərinə, eyni zamanda, MDB-nin model qanunlarına uyğunlaşdırılması məsələsini sual formasında qaldırıram. Çox səlahiyyətli və səriştəli komissiyalar yaradılmalı, Azərbaycan qanunlarının model qanunlara, hamılıqla qəbul edilən beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, sadaladığım Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, MDB-nin model qanunları ilə ziddiyyətə yol verməməklə daha optimal qanunların qəbul edilməsi, eyni zamanda, qanunların özlərinin arasında yaranan ziddiyyətlərin aradan qaldırılması istiqamətində iş görülməlidir.
Bir məqamı da qeyd etmək istəyirəm. Artıq qanunların Milli Məclisə zərf halında verilməsinin vaxtı çatıb. Biz qanunu qəbul edirik, amma həmin qanun işə düşəndən sonra onların tam fəaliyyət göstərməsi üçün bir neçə qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac yaranır. Əlavə və dəyişikliklər vaxtında edilmədiyinə görə həmin qanun işləyir, amma başqa qanunlarda əlavə və dəyişikliklərin edilməməsi onun tam gücü ilə işləməsinə mane olur. Ona görə də hesab edirəm ki, qanun, qanuna şərh və qanun qəbul edilən zaman başqa qanunlara edilən dəyişikliklərin zərf formasında Milli Məclisə daxil olması praktikasından istifadə edilməsi qanunvericilik sənədlərimizin həm keyfiyyətli hazırlanması, həm də Azərbaycan üçün ciddi bir problem olan qanunların işləməsinin səmərəliyinin artırılması istiqamətində  irəliyə doğru atılan addım ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Qeyd etmək istəyirəm ki, biz referendum zamanı Konstitusiyanın 149-cu maddəsinin 8-ci hissəsinə dəyişiklik etdik və həmin dəyişikliyə görə normativ hüquqi akrların dərc edilməsi qaydası ilə bağlı Konstitusiya qanununun qəbul edilməsi nəzərdə tutulur. Mən çox məmnunam ki, biz təkcə normativ hüquqi aktların dərci ilə bağlı deyil, ümumiyyətlə, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu qəbul edirik. Doğrudan da, bu sahədə münasibətlərin tənzimlənməsində bu qanun öz müsbət rolunu oynayacaqdır. Məndən öncə çıxış edən millət vəkilləri bəzi tənqidi çıxışlar etdilər, müəyyən məsələlərə toxundular. Bu qanunun özündə qeyd olunan tənqidi məsələlərlə yanaşı, müsbət məqamlar da var.
74-cü maddədə qeyd olunur ki, qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisdə layihənin müzakirəsində iştirak edə bilər. Onun belə bir hüququ var. Çox istəyərdim ki, qanunda bu, hüquq yox, vəzifə kimi nəzərdə tutulsun. Çox yaxşı olardı ki, qanunvericilik təşəbbüsü hüququnun subyekti elə bu qanunun müzakirəsindən bu ənənənin başlanğıcını qoyardı. Prezidentin rəsmi nümayəndəsi bu qanunu Milli Məclisə təqdim edərdi, komitənin iclasında birbaşa iştirak edərək, öz fikirlərini komitə üzvləri ilə bölüşərdi. Xatırlayırsınızsa, mən əvvəllər də Milli Məclisdə məsələ qaldırmışam ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin olması çox yaxşı olardı. Bu, Milli Məclisin işinə öz müsbət təsirini göstərərdi. Milli Məclisdə cari məsələlərin, qanunların müzakirəsi zamanı Milli Məclis üzvlərinin qaldırdıqları məsələlər diqqətlə dinlənilərdi, öyrənilərdi və onların həlli ilə bağlı müvafiq tədbirlər görülərdi. Çox təəssüf ki, bu edilmir. Amma bu gün bu məsələni bir daha qabartmaqla, hesab edirəm ki, bu məsələ Prezidentin diqqətinə çatdırıla və öz müsbət həllini tapa bilər.
Digər bir məsələ barədə də burada fakir söylənildi. 43-cü maddədə qeyd olunur ki, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edirlər. Konstitusiyanın 96-cı maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti də qanunvericilik təşəbbüsünün bir subyektidir, hətta onun adı  millət vəkillərindən sonra sadalanır. Onda gərək biz eyni qaydanı qanunvericilik təşəbbüsünün digər subyektləri ilə bağlı da qanuna daxil edək. Onda bütün qanunvericilik təşəbbüsünün subyektləri ilə Milli Məclis öz işini razılaşdırmalıdır.
Məndən öncə millət vəkilləri söylədilər ki, qanun layihəsinin dili başa düşülmür, bəzən eyni fikirlər təkrarlanır. Mən əyani bir misal çəkirəm. Məsələn, 1.0.17-ci maddədə “normayaratma  fəaliyyəti” anlayışının izahı verilir. Sonra, 1.0.19-cu maddədə yenə “normayaratma fəaliyyəti” anlayışı və onun izahı verilir. Bunun özü onu göstərir ki, bu qanun layihəsi işlənilərkən başqa ölkələrin qanunvericilik aktlarından istifadə olunub. Doğrudan da, bu, tərcümədir və tərcümə zamanı diqqətdən yayınıb ki, cəmi 2 bənd yuxarıda həmin anlayış olduğu kimi verilib. Mən bu misalı ona görə çəkdim ki, doğrudan da, qanunun üzərində yenidən çox ciddi şəkildə işləmək lazımdır.
Ekspertizaların keçirilməsi ilə əlaqədar burada qeyd olundu. Mən hesab edirəm ki, hər bir millət vəkilinin, doğrudan da, qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü qanunun ekspertizasını keçirmək imkanı yoxdur. Ona görə də o öz təşəbbüs hüququndan istifadə etməlidir. Qanunu müvafiq komitələrə təqdim edirsə, həmin komitələr tərəfindən o ekspertizalar keçirilməlidir. Qanun layihəsi komitədə müzakirə olunarkən həmin ekspert rəyləri də orada səsləndirilməlidir. Lazım olarsa, hətta komitənin iclaslarına o ekspertlər dəvət olunmalıdır. Amma bu vəzifənin birbaşa qanunvericilik təşəbbüsü subyektinin üzərinə qoyulması bu təşəbbüsü xeyli dərəcədə məhdudlaşdıracaq. Millət vəkillərinin marağında olmayacaq ki,  belə bir qanunvericilik təşəbbüsü ilə çıxış etsinlər. Mən sonda söyləmək istəyirəm ki, bu qanun layihəsi sadaladığımız nöqsanlara baxmayaraq çox əhəmiyyətlidir. Ümid edirəm ki, qanun layihəsi, doğrudan da, bu sahədə münasibətlərin tənzimlənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Məndən öncə bəzi millət vəkilləri sayğaclar məsələsi ilə bağlı çıxış etdilər. Mən də bu məsələyə biganə qala bilmirəm və öz kəskin etirazımı bildirirəm. Ziyafət müəllim, hesab edirəm ki, bu məsələyə ciddi aydınlıq gətirilməlidir. Plenar iclasdan sonra hər hansı bir komitənin iclasının keçirilməsi və hər hansı bir nümayəndə ilə bu məsələnin razılaşdırılması tamamilə başa düşülməyən bir məsələdir. Burada oturan millət vəkillərinin böyük əksəriyyətinin kifayət qədər qanunvericilik təcrübəsi var. Ona görə də bu məsələyə, doğrudan da, aydınlıq gətirilməlidir və bu nöqsanlar olubsa, kifayət qədər səmimi olmaq lazımdır. Həm ictimaiyyətə, həm də millət vəkillərinə bununla bağlı izahat verilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli deputatlar! Bu gün müzakirəyə çıxarılan Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu çox mühüm və vacibdir. Mən düşünürəm ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasına referendumla edilən əlavə dəyişikliklər və tələblərdən irəli gələn bir layihədir. Mən belə bir layihənin müzakirəyə çıxarılmasını alqışlayıram. Düzdür, 1999-cu ilin noyabr ayının 26-dan qəbul olunmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədəki münasibətləri tənzimləyirdi. Amma qanunun yeni dövrə uyğunlaşdırılması və daha geniş məsələləri əhatə etməsi baxımından belə bir Konstitusiya qanununun müzakirəyə çıxarılmasını alqışlayıram. Bu Konstitusiya qanununun tənzimlənmə predmetinə təkcə normativ hüquqi aktların tətbiqi, hazırlanması ilə bağlı məsələlər deyil, dövlət və hüquq nəzəriyyəsinin əldə etdiyi normativ hüquqi aktlarla bağlı nailiyyətlər də daxil edilib ki, bu da çox mütərəqqi bir haldır.
Ümumiyyətlə, normativ hüquqi aktların anlayışının, təsnifatının, Azərbaycan Respublikasının qanunvericiliyindəki boşluqların aradan qaldırılmasının, normativ hüquqi aktların kolliziyasının, hüququn, qanunun analogiyasının tətbiqini istisna edən halların bu qanunun tənzimlənmə predmetinə daxil olmasını mən çox mütərəqqi bir hal hesab edirəm və düşünürəm ki, bu çox zəruri bir qanun layihəsidir. Qanun layihəsindəki qüsurlarla bağlı burada fikirlər səsləndi. Bildirdilər ki, layihənin 43-cü maddəsində qeyd olunan Prezident Administrasiyası ilə Milli Məclisin illik iş planının razılaşdırılması məsələsi qanunvericilik təşəbbüsü ilə bağlı konstitusion prinsipə uyğun deyil. Mən qeyd etmək istəyirəm ki, bu, ümumiyyətlə, Konstitusiyanın 7-ci maddəsinin 4-cü bəndinə görə tamamilə qanunauyğun bir haldır, çünki qanunverici, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə işləyirlər. Burada söhbət iş planlarının uyğunlaşdırılmasından, razılaşdırılmasından gedir. Çünki ola bilər ki, eyni bir qanun layihəsi hər iki orqanda hazırlansın. Bu məsələnin uzlaşdırılması heç də hakimiyyətin bir qoluna üstünlük verilməsi anlamına gəlmir.
Bundan başqa, Konstitusiyanın 149-cu maddəsinə olunan əlavə ilə bağlı belə bir fikir səsləndi ki, burada söhbət Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun qəbul olunmasından gedir. Normativ xarakterli aktlar və yaxud qeyri-normativ xarakterli aktların, ümumiyyətlə, bu qanun layihəsinə daxil edilməsi düzgün hesab olunmur. Hesab edirəm ki, normativ xarakterli aktlar haqqında bir qanun, qeyri-normativ xarakterli aktlar haqqında isə başqa bir qanun qəbul olunması, ümumiyyətlə, səriştəsiz bir iş olar. Onların bu layihəyə daxil olunması hüquqi baxımdan heç bir problem törətmir.
“Hüquq” anlayışı ilə bağlı hörmətli Fazil müəllimin dediyi fikrə qoşuluram. Orada belə bir ifadə var: “Hamı üçün məcburi olan davranış qaydaları”. Hüquqşünaslar yaxşı bilirlər ki, hüquq, ümumiyyətlə, məcburiyyət əlaməti ilə xarakterizə olunmur. O, vəzifə deyil. Hüquq, ümumiyyətlə, qanunvericilik sistemində nə qədər adi görünsə də, bir anlam olmaqla yanaşı, nəzəri baxımdan həmişə dəbdə olan bir müzakirə predmetidir. Mən düşünürəm ki, “hüquq” anlayışının üzərində yenidən işləmək və onu dəqiqləşdirmək lazımdır.
Bundan başqa, layihədəki qüsurlardan və orfoqrafik səhvlərdən danışıldı. Doğrudan da, qanun layihəsində bu qəbildən olan qüsurlar var. Mən onu da deyim ki, istənilən layihədə belə qüsurları tapmaq mümkündür. Belə qüsurlar da müzakirədə meydana çıxır. Nəinki layihədə, hətta qanunun özündə belə qüsurların olması təbii bir haldır, çünki istənilən qanunun üzərində nə qədər iş getsə də, onun tətbiqi prosesində qüsurlar üzə çıxır. Doğrudan da, hüquqi baxımdan bu layihə üzərində çox böyük iş görülüb. Bu gün dövlət hüquq nəzəriyyəsinin normativ hüquqi aktlarla bağlı əldə etdiyi nailiyyətlərin özü belə layihənin tənzimlənmə predmetinə daxil olub və bu, təqdirəlayiq bir haldır. Əvvəlki qanunda bir sıra məsələlər var idi ki,  ümumiyyətlə, tənzimlənmirdi. Bu baxımdan bu çox mütərəqqi bir qanun layihəsidir. Mən qanun layihəsinin Azərbaycan Respublikasının qanunvericilik sistemində çox mühüm rolunu nəzərə alaraq hörmətli həmkarlarımdan ona səs vermələrini xahiş edirəm. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Mən çox qısa danışacağam. Əlbəttə, mən də bu qanunun əhəmiyyəti və vacibliyi ilə bağlı həmkarlarımın dediyi fikirlərə qoşuluram. Düşünürəm ki, bu qanunun qəbulundan sonra Azərbaycanın qanunvericilik sistemində bir çox məsələlər öz həllini tapacaq və normativ xarakterli aktların qəbulundakı bəzi boşluqlar da aradan qalxacaqdır.
Mənim sualım 4-cü maddə ilə bağlıdır. Biz bunu komitədə müzakirə etdik və mən bu barədə fikirlərimi bildirdim. Plenar iclasda da bunu bir daha xatırlatmaq istəyirəm. 4-cü maddədə normativ xarakterli aktların siyahısı, yəni onların hansı qurumlar tərəfindən qəbul olunması ilə bağlı bir siyahı verilir. Çox haqlı olaraq burada bir çox qurumların adları çəkilir: Məhkəmə-Hüquq Şurası, Milli Televiziya və Radio Şurası, Mərkəzi Bank və ilaxır. Burada Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da adının olması vacibdir. Ümumiyyətlə, bu məsələni mən bir sual kimi qoyuram ki, bizim şura olaraq qəbul etdiyimiz qərarlar və bir norma yaradan hallar hansı formada bu qanunda öz əksini tapa bilər? Məsələ bundadır ki, dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı şura müəyyən normalar müəyyənləşdirir və bu normaların həyata keçirilməsi, ümumiyyətlə, qeyri-hökumət təşkilatları üçün məcburi xarakterli olur. Belə olan halda, əlbəttə ki, bu siyahının müəyyənləşməsində burada əks olunmayan digər qurumların da adlarına baxıla bilər.
Digər tərəfdən, bilirsiniz ki, şura həm də müəyyən sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir. Bu baxımdan da mənə belə gəlir ki, əvvəlcədən müəyyənləşən sənədlər və dediyim kimi, normalar məcburiyyət xarakteri daşıyır. Hörmətli Ziyafət müəllim, mən istərdim ki, əgər mümkündürsə, bu təklifə işçi qaydasında, yaxud da komitə səviyyəsində münasibət bildirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Əlbəttə, bu, bizim qanunvericiliyimiz üçün, onun ahəngdar işləməsi üçün olduqca vacib qanun layihələrindən biridir. Şübhəsiz ki, mən bu qanunun qəbuluna səs verəcəyəm, lakin bu, Konstitusiya qanunu olduğuna görə öz iradlarımı da bildirmək istəyirəm. Birinci, qanun layihəsinin 2-ci maddəsində normativ hüquqi aktlara, 3-cü maddəsində qeyri-normativ hüquqi aktlara, 4-cü maddəsində isə normativ xarakterli aktlara münasibət öz əksini tapmışdır. Qeyd edim ki, bəzi ölkələrdə normativ müqavilələr də hüququn mənbəyi kimi qəbul edilir. Normativ müqavilələrin ən çox yayılmış növlərindən biri kimi əmək hüquqlarında sosial əməkdaşlığın tərəfləri arasında bağlanılan kollektiv müqavilələri və sazişləri göstərmək olar. Bu baxımdan layihədə normativ müqavilələr anlayışının verilməsinə də diqqət yetirilməsini məqsədəuyğun bilirəm.
İkinci, layihənin 1-ci maddəsində “texniki normativ hüquqi aktlar” anlayışı verilmişdir. Lakin normalar, standartlar, həmçinin 11.8-ci, 18.3-cü, 20.4-cü maddələrdə əksini tapmış nizamnamə, əsasnamə, təlimat, reqlament və qaydalar kimi sənədlərə onların tənzimləndiyi məsələlərə görə anlayışın verilməsi məqsədəuyğun bilinir. Məsələ bundadır ki, normativ hüquqi akt kimi təsdiq edilən bu sənədlərin hansı hallarda və ya hansı məsələlərlə bağlı, yaxud hansı proseslərin və ya münasibətlərin  tənzimlənməsi məqsədilə təsdiq edilməsinin əsasları qanunvericilikdə öz əksini tapmamışdır. Məsələn, nizamnamə müəyyən münasibətlər sferasının və ya hər hansı bir dövlət qurumunun, müəssisənin, idarənin təşkilini və fəaliyyət qaydalarını nizamlayan hüquqlar toplusu kimi başa düşülür. Ancaq bunun qanunun dili ilə ifadə edilməsi, hətta “qanun” ifadəsinin özünə anlayış verilməsi daha məqsədəuyğun olardı.
Qanun layihəsinin 1.0.7-ci maddəsində qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyini təşkil edən normativ hüquqi aktlardan ibarət olduğu göstərilmişdir. Bu baxımdan 1.0.8-ci maddədə nəzərdə tutulmuş “qanunvericilik texnikası” anlayışı ilə 1.0.22-ci maddədə verilmiş “normayaratma texnikası” anlayışı mahiyyət etibarı ilə eyni mənanı kəsb etdikləri üçün “normayaratma texnikası” anlayışının  layihədən çıxarılması məqsədəuyğun bilinir.
Konstitusiya qanununun layihəsinə aşağıdakı məzmunda 14.5-ci maddənin əlavə edilməsini təklif edirəm: Normativ hüquqi aktların tətbiqi zamanı onlarda aşkar edilmiş boşluqlar fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəldilə bilməz. Əlbəttə, bu mənim fikrimdir, belə bir maddə əlavə edilərsə, daha yaxşı olar. Layihənin 65.11-ci maddəsində göstərilmişdir ki, icra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri daxilində qəbil etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz. Hesab edirəm ki, bu maddədə dəqiqləşdirilmənin aparılması olduqca zəruridir. Əgər nəzərə alsaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, onda həmin maddədə əksini tapmış “icra hakimiyyəti orqanı” ifadəsinin “mərkəzi icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilməsi daha yerinə düşərdi.
65.4-cü maddədə də əksini tapmış müddəaların daha da dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Ümumiyyətlə, qanunvericilik aktlarında vəzifəli şəxslərin hüquq və səlahiyyətlərini, habelə vəzifələrini özündə ehtiva edən müddəaların imperativ xarakter daşıması, yəni “edə bilər” ifadəsinin “edir” və ya “etməlidir” ifadələri ilə əvəz edilməsi baş verə biləcək neqativ hallara, eyni zamanda, vəzifə səlahiyyətlərindən yayınmalara imkan verərdi.
Təklif edirəm ki, qanun layihəsinin 82.1-ci maddəsində “normativ hüquqi aktlar” sözlərindən sonra “bu Konstitusiya qanunu ilə müəyyən edilmiş qaydada yalnız rəsmi dərc edildikdən sonra” sözləri əlavə edilsin. Hörmətli Ziyafət müəllim, mənim əlavə bir neçə təklifim də var. Məsləhətdirsə, onları indi deyim, məsləhət deyilsə, hörmətli Əli müəllimə təqdim edim.
Sədrlik edən. Məsləhətdir ki, onları Əli müəllimə təqdim edəsiniz. Çox maraqlı təklifləriniz var.
X.Kazımlı. Əgər belə məsləhət bilinirsə, böyük məmnuniyyətlə.
Sədrlik edən. Əli müəllim, xahiş edirəm, o təklifləri götürün. Çox sağ olun. Siyavuş Novruzov buyursun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də bu qanunun qəbul olunmasının tərəfdarıyam, çünki çox vacib və zəruridir. Mən bu gün burada bir məsələni qeyd etmək istəyirəm. Vaxtilə biz referenduma müəyyən məsələləri daxil edəndə bəzi qüvvələr qeyd eləyirdilər ki, bu referendum nədən ötrüdür və bu referendumda ancaq bir maddədən söhbət gedir. Lakin həyat göstərdi ki, məhz bu qanunun bu gün ortaya çıxması üçün referendumun keçirilməsinə böyük ehtiyac varmış. Biz bundan qabaq uşaq  hüquqları ilə əlaqədar olan qanunla bağlı da bu müddəanın ortada olmasının şahidi olduq.
Bu qanunun bu və ya digər maddəsində nöqsan axtaranlar 96 maddədən ibarət olan bir qanunun iki maddəsində hər hansı bir nöqsan tapıb, onun üzərinə kölgə salmağa çalışırlar. Mən bir şeyi də başa düşə bilmirəm ki, biz birinci oxunuşu keçiririk, yoxsa ikinci oxunuşu? Biz birinci oxunuşda qeyd etməliyik ki, konseptual baxımdan bu qanun bizə lazımdır, yoxsa lazım deyil? İkinci oxunuşda isə ayrı-ayrı maddələr, fəsillər üzrə fikirlər bildirilir, müzakirələr aparılır və kimin hansı fəsilə, hansı maddəyə əlavəsi varsa, onda göstərilir. Burada çıxış edənlərin hər biri bu qanun layihəsinin konseptual baxımdan vacib olduğunu qeyd elədilər. Onda əlavə nəyin müzakirəsi gedir?
Mən təklif edirəm ki, qanun layihəsini səsə qoyaq, konseptual baxımdan qəbul eləyək. Burada normativ hüquqi aktların prinsipləri, tətbiq dairəsi, qanunlardakı ziddiyyətlərin, boşluqların aradan qaldırılması − hər şey göstərilib. Kimin hansı maddəyə bir etirazı varsa, onu yazılı şəkildə Əli müəllimə təqdim eləsin. Hamımız bu qanunun yaranmasında iştirak edən şəxslərik.  Kimsə səsinə yox, qələminə güc versin, çatışmayan cəhətlər varsa, yazsın, təqdim eləsin. Burada müxalifətin nümayəndələri də məsələyə tənqidi yanaşaraq qanunla bağlı fikirlərini söyləyirlər. Özləri 5-6 dəfə iki səhifəlik qanun layihəsi təqdim ediblər, hərəsində iyirmidən artıq səhv var. Hər bir sətrin üzərində işləmək lazımdır. Hüquqi demirəm, ədəbi cəhətdən düzgün olmayan qanun layihələridir. Ona görə də bilirsiniz, nəsə tapıb burada qışqırıq, hay-küy salmaq yersiz bir şeydir. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs verək. Sağ olun.
Sədrlik edən. Çox gözəl təklifdir, Siyavuş müəllim. Hesab edirəm ki, qanun layihəsi ilə bağlı yaxşı müzakirə getdi, birinci oxunuş üçün kifayət edər. Əsas odur ki, konseptual cəhətdən qanun layihəsini bəyənirik, qəbul edirik. Elə deyilmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr     (saat 13.45 dəq.)
Lehinə                                         109
Əleyhinə                                        1
Bitərəf                                            1
Səs verməd                                 0
İştirak edir                                   111
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Sığorta fəaliyyəti maliyyə sisteminin vacib tərkib hissələrindən biridir. Bu gün ölkəmizdə sığorta fəaliyyəti ilə məşğul olan təşkilatların sayı, onların göstəriciləri xeyli dərəcədə artır. “Sığorta fəaliyyəti haqqında” Qanunun müzakirəsi zamanı sığorta bazarı, onun Azərbaycandakı müasir durumu barədə sizlərlə kifayət qədər fikir mübadiləsi aparmışdıq. Həqiqətən, indiyədək sığorta fəaliyyətini tənzimləyən bir çox qanun qəbul edilmişdir ki, bunlar da respublikada maliyyə sisteminin vacib istiqamətlərindən sayılan sığorta təsisatının inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Milli Məclisin müzakirəsinə təqdim edilən qanun layihəsi cəmiyyətdə müxtəlif mexanizmlərdən istifadə etməklə iqtisadi həyatın normal fəaliyyəti və hər bir halda işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş siyasətə xidmət edir. Bu məqsədə nail olmaq üçün qanun layihəsi dövlətin özünün funksiyalarını daha əsaslandırılmış şəkildə icra etməklə müxtəlif kateqoriyalardan olan işçilərin əmək hüquqlarının müdafiəsi və bu hüquqların səmərəli təminat mexanizminin həyata keçirilməsində dövlətin maliyyə öhdəlikləri ilə yanaşı, özəl sektorun da iştirakının müəyyənləşdirilməsini nəzərdə tutur. Qeyd olunan hər iki məqsədə nail olmaq üçün layihədə bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi risklərindən sığortanın inkişaf etmiş beynəlxalq təcrübəyə uyğun olaraq kommersiya sığortası mexanizmi vasitəsilə, həmçinin icbari formada həyata keçirilməsi nəzərdə tutulur.
İndiyədək belə bir qanunun olmaması problemin həllində boşluqlar yaradırdı. Belə ki, Azərbaycan Respublikasında 1995−1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramına və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi İkinci Dövlət Proqramına uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində qəza və yaxud peşə xəstəlikləri nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə, onların himayəsində olan digər şəxslərə ödənclərin verilməsində uzun müddət mövcud olmuş problemlər məhz belə bir mexanizmin olmamasından irəli gəlir. Qeyd etməyi lazım bilirik ki, həmin problemlərin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli məlum fərmanı ilə təsdiq edilmiş müvafiq qaydalar əsasında dövlət büdcəsinin vəsaitləri hesabına aradan qaldırılması nəzərdə tutulmuşdur.
Təqdim olunmuş qanun layihəsinin hüquqi bazasını Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir.
23 maddədən ibarət qanun layihəsinin əsas mahiyyəti, konseptual məsələləri barədə bir qədər ətraflı məlumat vermək istərdim. Qanun layihəsində təqdim olunan icbari sığorta növü “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların həm peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur”. İstehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyasını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və ya kəskin pozulması halları başa düşülür. Peşə xəstəliyi isə əlverişsiz istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlikləri nəzərdə tutur.
“Əsas anlayışlar” adlanan 2-ci maddədə layihədə istifadə olunan 21 əsas anlayış açıqlanır. Bu anlayışların bəzilərinə digər qanunlarda da rast gəlmək olar. Ancaq mütəxəssislər və millət vəkilləri ilə müzakirə zamanı aydın oldu ki, həmin anlayışların burada yenidən verilməsi qanun layihəsinin mahiyyəti barədə daha aydın məlumat almağa imkan verir. Qanun layihəsində sığorta iştirakçısı olan “sığorta olunan”,  “sığortalı” və “faydalanan şəxs” anlayışları açıqlanır və onların hüquq və vəzifələri öz əksini tapır.
Qanun layihəsinə əsasən sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilmiş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı və müvafiq icra hakimiyyəti orqanının sığorta olunanın peşə əmək qabiliyyətinin  itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə ilə müəyyən olunur. İcbari sığorta müqaviləsinin müddəti, qüvvəyə minməsi və sığorta müqaviləsinə xitam verilməsi qaydaları layihədə ətraflı şəkildə öz əksini tapmışdır. Belə ki, “icbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə fəaliyyətin həyata keçirilməsinə hüquq verən lisenziya və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə sığorta nəzarəti orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən başlanıla bilər”. Müqavilə müddətsiz bağlanılır.
Layihənin 13-cü maddəsinə əsasən peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər təqvim ili üçün müəyyən edilir.
Layihənin 14 və 15-ci maddələri sığorta haqqının, sığorta məbləğinin müəyyən edilməsi qaydalarına həsr edilmişdir. “Sığorta haqqı bu qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinin hasili əsasında müəyyən edilir”. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik verilir. Qanun layihəsində həmçinin faydalanan şəxslərə aylıq, birdəfəlik və əlavə sığorta ödənişləri verilməsi məsələsi də öz əksini tapmışdır.
Sığorta ödənişlərinin hesablanması və verilməsi qaydaları qanun layihəsinin 17 və 18-ci maddələrində öz əksini tapmışdır. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Qanun layihəsində sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsindən bəhs edilir. Nəzərdə tutulur ki, sığorta olunanın bu məqsədlə müayinə edilməsi sığorta olunanın, sığortalının və ya sığortaçının müraciəti, yaxud qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qanun layihəsinin 20-ci maddəsinə görə sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda, habelə sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və digər zərərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə, eyni zamanda, sığorta qanunvericiliyində müəyyən edilmiş sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
Layihənin 21-ci maddəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində dövlət nəzarətinə həsr olunub. Müəyyən edilib ki, sözügedən sığorta növü üzrə sığortaçıların fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta nəzarəti orqanı − Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Sığortalılar tərəfindən  bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində qanunvericiliyə uyğun olaraq dövlət nəzarəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Layihənin son iki maddəsi isə mübahisələrin həlli və qanunun pozulmasına görə məsuliyyət məsələlərinə aiddir. Hörmətli deputatlar, hörmətli millət vəkilləri, məlumat üçün bildirmək istəyirəm ki, əgər gələcəkdə bu qanun layihəsi qəbul olunarsa, biz sözün əsl mənasında sığorta bazarını tənzimləyən qanunlar toplusuna malik olacağıq. Təbii ki, bu qanun layihəsi komitədə müzakirə edilərkən millət vəkilləri dəyərli fikirlərlə çıxış etdilər. Məsələn, dedilər ki, qanun layihəsinin adı bütövlükdə sığorta fəaliyyəti,  bədbəxt hadisə, ağır xəsarətlə əlaqədar olan sahələri əhatə etmir, burada söhbət təkcə istehsalatdan gedir. Bu gün bədbəxt hadisələr xidmət sahəsində, büdcədən maliyyələşən təşkilatlarda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan idarələrdə də baş verə bilər. Ona görə də biz Maliyyə Nazirliyi və digər qurumlarla razılaşdıq ki, qanun layihəsinin adında düzəliş edilməlidir. Haqlı olaraq deyildi ki, təqdim edilən qanun layihəsində əgər zərərçəkənə nə isə ödənilirsə, o, “faydalanan şəxs” kateqoriyası adı altında verilir. Əlbəttə ki, biz bu fikri qəbul etmirik, çünki Azərbaycan dilinin izahlı lüğətində “faydalanan” “mənfəət, səmərə götürən şəxs”lə əlaqələndirilir. Yəni bu qanun layihəsində “faydalanan şəxs” ifadəsinin işlədilməsinə, fikrimizcə, ehtiyac yoxdur.
Bundan başqa, qanun layihəsinin preambulasında yazılıb ki, bu, Azərbaycan vətəndaşlarına şamil edilən bir qanundur. Ancaq qanun layihəsinin üçüncü maddəsində isə yazılır ki, Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlara da (müəyyən şəxslər istisna olmaqla) şamil edilir. Yəni qanun layihəsində bir sıra ziddiyyətli fikirlər var. Mən əminəm ki, birinci oxunuşdan sonra İqtisadi qanunvericilik şöbəsinin, bizim komitənin, Sosial siyasət komitəsinin üzvlərindən ibarət işçi qrupu yaradacağıq, bu qanun layihəsinin üzərində ciddi iş aparacağıq. Redaktə xarakterli nöqsanlar da var. Qanun layihəsinin prinsipial mahiyyətini dəyişdirmədən strukturunda da müəyyən dəyişikliklər etməyə ehtiyac vardır. Ancaq təkrar edirəm ki, azad bazar münasibətləri şəraitində dövlətin funksiyalarının obyektiv, əsaslı şəkildə yerinə yetirilməsi üçün belə bir qanunun qəbul edilməsinə ehtiyac vardır. Mən millət vəkillərindən xahiş edərdim ki, birinci oxunuşda qanun layihəsinə müsbət münasibət bildirsinlər. Mən də komitənin sədri kimi etiraf edirəm ki, qanun layihəsinin üzərində redaktə xarakterli və digər məsələlərlə bağlı xeyli iş görüləcək. Sağ olun.    
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Bu qanun layihəsi Sosial siyasət komitəsində də müzakirə olunub. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, layihə bizim komitədə də müzakirə olunub. Sözün əsl mənasında, bu sənədə çoxdan ehtiyac var idi. İki il idi ki, bu sənəd həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də Prezident Administrasiyasında bizim iştirakımızla geniş müzakirə olunurdu. Bu sənədin ortaya çıxması reallıqdan, zərurətdən irəli gəlib. Bəzi fikirləri Ziyad müəllim dedi, layihədə həm orfoqrafik, həm də stilistik nöqsanlar var. Mən hesab edirəm, ikinci oxunuşda bu məsələlər öz həllini tapacaq.
Narahatlıq doğuran məsələlərdən biri nədir? “Anlayışlar”, əslində, anlaqlıq gətirmək üçündür. Amma “Anlayışlar”a baxsaq, burada anlaqlıq yox, dolaşıqlıq gətirən anlayışlar var. 2.0.1-ci maddəyə baxın. Mən hesab edirəm ki, bu anlayışlara tamamilə yenidən baxılmalıdır və onlar mümkün qədər sadələşdirilməlidir. Çünki o qədər qəliz yazılıb ki, “Tarixi-Nadir” kitabını yarıya qədər oxuyan  adamın özü də bundan baş çıxarmaz. Məsələn, 2.0.16-da “annuitet haqqı” anlayışı var. Bu “annuitet haqqı”nın özünün açılışı problemlidir. Mən hesab edirəm ki, buna baxılmalıdır.
20-ci maddəyə − “Sığorta ödənişindən imtinanın əsasları”na fikir verin. Burada 20.02-ci maddədə yazılıb ki, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olma. Əslində, alkoqollu vəziyyətdə olan adamdan söhbət gedir. Adam, ola bilər ki, təsadüfən toksik maddədən zəhərlənsin. Bunun belinə alkoqol maddəsini yapışdırıb sığorta haqqı verilməyə bilər. Bu baxımdan hər cümlə, hər söz diqqətlə işlənməlidir. Mən hesab edirəm ki, bu çox vacib qanundur, buna bu gün Azərbaycan cəmiyyətində böyük ehtiyac var. Ziyad müəllimlə birgə baxarıq və işçi qrupu ilə birgə bəzi məqamları yoluna qoyacağıq. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Monitordakı siyahı saxlanılmaq şərtilə saat 4-ə qədər fasilə. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutasınız.  Siyahını, zəhmət olmasa, monitora verin. Müzakirəyə başlayırıq. Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Bizim hörmətli komissiya sədrləri qanun layihəsi ilə bağlı fikirlərini söylədilər və onların fikirlərinə qoşuluram. Xüsusilə də dil məsələsi ilə bağlı, doğrudan da, layihədə müəyyən problemlər var. Hörmətli Ziyad müəllim də “faydalanan şəxs” məsələsi barədə söylədi. Ümumiyyətlə, bura yazılarkən bu sözün mənası tam dərk olunmayıb. Necə ola bilər ki, kimsə dünyasını dəyişə və bundan da kimsə faydalana? Ümumiyyətlə, elə sözlər işlətmək lazımdır ki, hamı başa düşə bilsin. Məsələn, burada “sığortaçı”, “sığortalı” sözlərindənsə, məncə, “sığorta edən”, “sığorta olunan”, yaxud “faydalanan şəxs” əvəzinə “sığorta alan şəxs” kimi hamının birmənalı başa düşəcəyi sözlərdən istifadə olunmalıdır.
Bu, konseptual baxımdan, sözsüz ki, lazımlı bir qanundur. Burada icbari sığortadan söhbət gedirsə, deməli, hamı − xüsusilə işləyən şəxslər sığorta olunmalıdırlar. Amma tutaq ki, bir nəfərin heç yaxın qohumu yoxdur, tək yaşayır. Əgər bunun başına bir bədbəxt hadisə gələrsə, dünyasını dəyişərsə, o halda kim sığorta ala bilər? Mən belə hesab edirəm, imkan verilməlidir, özünü sığorta etdirən şəxs birbaşa müqavilədə göstərsin ki, əgər onun başına bir hadisə gələrsə, dünyasını dəyişərsə, o halda bunun müəyyən elədiyi şəxs o sığortanı ala bilsin.
Burada yalnız qanunvericilik qaydasında çox yaxın qohumların sırası müəyyənləşib. Bu olmamalıdır. Tək yaşayır, ola bilsin, qohumları da var, amma onlarla heç bir əlaqəsi yoxdur. Hətta ola bilsin, bu adam heç özü istəmir ki, bunun başına bir hadisə gəlsə, o sığorta qohumlarına verilsin. Misal üçün, ola bilər, o, kimsəsiz bir tələbəni oxutdurur. Bunun başına bədbəxt hadisə gəlib. Niyə o sığorta pulu təhsilini davam etdirmək üçün sonradan həmin gəncə verilməsin? Konseptual baxımdan bunu söyləyirəm, məncə, bu sığortanın həm müddəti məsələsinə baxmaq olar, həm də sığorta müqaviləsində o hüquq tanınmalıdır. Bir də vurğulayıram, özünü sığorta etdirən şəxs gərək özü müəyyən edə bilsin ki, o dünyasını dəyişəndə kim sığorta ala biləcək? Sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Müzakirəyə çox ciddi sosial yükü olan bir qanun layihəsi çıxarılıb. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun layihəsi çoxdan qəbul edilməli idi. Bu sahədə xeyli problemlər var. Doğrudan da, həm xəsarət alanların, həm şikəst olanların, həm də istehsalatda bədbəxt hadisələr nəticəsində dünyasını dəyişən adamların heç bir kompensasiya almaması çox ciddi problemdir. Ona görə də belə bir qanunun ortaya çıxması çox vacibdir.
Bu sahədəki statistikanı nəzərinizə çatdırmaq istəyərdim. Son səkkiz ildə əməyin mühafizəsi tədbirlərinə çəkilən xərclər 7,3 milyon manatdan 46 milyon manata qalxıb. Yəni beş dəfə artıb. Buna baxmayaraq, istehsalatda şikəst olanların, xəsarət alanların sayı 1,5 dəfə, istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı isə 2 dəfə artıb. Bax, belə bir statistika şəraitində, təbii ki, sığorta münasibətlərinin inkişaf etdirilməsi çox vacibdir. Amma məlumdur ki, Azərbaycanda sığorta bazarı hələ formalaşma mərhələsindədir. Ona görə də sığorta bazarının indiki səviyyəsi qanunvericilik sənədləri işlənib hazırlananda onun keyfiyyətinə təsir göstərir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, qanun layihəsi vacibdir. Amma onun indi müzakirəyə təqdim olunan səviyyəsi ilə əhəmiyyəti arasında, obrazlı şəkildə desək, tərs mütənasiblik var. Ona görə də bu qanun layihəsinin ciddi şəkildə işlənməsinə ehtiyac var.
Birinci, qanun layihəsinin adı həddən artıq uzun, mürəkkəb, qeyri-müəyyən və ziddiyyətlidir. Ona görə ki, təkcə istehsalatda yox, iqtisadi, sosial və digər fəaliyyətin bütün növlərində zədə almaq olar. Bunu təkcə istehsalatla məhdudlaşdırmaq xeyli dərəcədə dairəni daraltmaq deməkdir.
İkinci, qanun layihəsini hazırlayanlara mənim sualım var. Bu qanun layihəsinin maliyyə tutumu nə qədər olacaq? Xahiş edirəm, bu barədə müəyyən bir məlumat versinlər. Üçüncü, bu formada qanunun qəbul edilməsi bir növ sovet dövründə o sığorta yığanların fəaliyyətini təklifləndirən bir məqama gəlib çıxa bilər. Bunun aradan qaldırılması üçün qanunun təkmilləşdirilməsinə ehtiyac var. Birinci oxunuşda konkret maddələr qeyd olunmur, amma məsələ elə qurulub ki, bu sığorta almaq hüququ olan adamın əgər başına Allah eləməmiş, bir iş gələndə onun kompensasiya alması çox müşkül bir məsələyə çevriləcək. Buna diqqət eləmək lazımdır.
Eyni zamanda, hesab edirəm ki, 2 faizi 1 faizə endirmək çox vacib olar. Ona görə ki, Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı hər min nəfərə 0,1 nəfərdir. Bunu dəqiqləşdirsək, deməli, 10 min nəfərə bir nəfər sığorta vəsaiti, kompensasiya alacaq. Amma 9999-u isə sağlamdır və bu problemlərlə qarşılaşmayacaq. Ona görə də əmək haqqından iki faiz yox, bir faiz tutulmanı daha məqsədəuyğun hesab eləmək olar. Rəqəm dəyişməlidir.
Diqqətə çatdırmaq istədiyim digər məsələ ondan ibarətdir ki, qanun layihəsində bir sıra qeyri-müəyyənliklər var. Bəzi ifadələr yerində deyil. Məsələn, “atasının ölümündən faydalanmaq”. Bu, mümkün olan bir şey deyil və elə ifadələr seçmək lazımdır ki, onlar qanunun mahiyyətinə uyğun gəlsinlər. Ümumiyyətlə, qanun layihəsinin əsaslı surətdə yenidən işlənilməsi vacibdir. Mən bu qanunun öz konsepsiyasına uyğun bir səviyyəyə gətiriləndən sonra qəbul edilməsini daha məqsədəuyğun hesab edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ziyafət müəllim, cari məsələlərə yazılmışdım, amma vaxt çatmadı, ona görə bir məsələyə toxunmaq istəyirəm. Deməli,  2006-cı il 1 sentyabr tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə Rəqabət Məcəlləsi daxil olub. Həmin müddətdən 3 il 2 ay keçib. 3 il 2 ayda biz Rəqabət Məcəlləsini iki oxunuşda qəbul eləmişik. Bir ildən çoxdur ki, həmin məcəllə üçüncü oxunuş üçün hazırdır. Belə ki, uzun illər bu məcəllənin Milli Məclisin plenar iclasına çıxarılmasına imkan vermirlər. O nə ilə əlaqədardır,  mən başa düşə bilmirəm. Bu məcəllənin qəbul edilməsinin Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti var. Mən cənab Sədrdən, Sizdən artıq dərəcədə xahiş edirəm, həmin məcəllə üçüncü oxunuş üçün gündəliyə salınsın və gələn plenar iclasda biz onu qəbul edək. Bu məcəllənin çox böyük əhəmiyyəti var.
O ki qaldı bu gün müzakirə olunan qanuna, deyim ki, ümumiyyətlə, son illər Azərbaycanda sığorta bazarının inkişaf etdirilməsi üçün bir sıra qanunlar qəbul etmişik. Amma bütün bunlara baxmayaraq, Azərbaycanda hələ normal sığorta bazarı fəaliyyət göstərmir. Bu gün də bizə təqdim olunan qanun layihəsi, belə hesab edirəm ki, çox vacib bir sənəddir. Bu qanunu mütləq qəbul etmək lazımdır. Amma qanunun üzərində çox ciddi işləmək də lazımdır.
Qanunun adı ilə əlaqədar Əli müəllim fikirlərini dedi. Əlbəttə, bədbəxt hadisə və xəstəlik yalnız istehsalatda olmur. Bu, digər sahələrdə də baş verir. Niyə biz bunu yalnız istehsalatla bağlamalıyıq? Ola bilər ki, başqa sahələrdə də bədbəxt hadisələr baş versin. İnsan küçədə gedəndə də yıxılır, bədbəxt hadisə baş verir. Ona görə bu adı dəyişdirmək lazımdır ki, yalnız istehsalatda yox, bütün yerlərdə baş verən bədbəxt hadisələri bu qanun əhatə edə bilsin. Qanunun bir sıra maddələrində xarici vətəndaşlara da Azərbaycanda sığorta olunmaq hüquqları verilir. Əgər xarici vətəndaş öz vətənində də sığorta olunubsa, bunu necə müəyyənləşdirmək olacaq? Bu, qanunda öz əksini tapmayıb.
Digər tərəfdən, neftlə, qazla əlaqədar qəbul etdiyimiz bir sıra qanunlar, ümumiyyətlə, istisnalıq təşkil edir. Bu nə ilə əlaqədardır? Həmin qanunlarda sığorta prosesləri öz əksini tapıb, yoxsa nə? Bayaq burada qeyd elədilər, ümumiyyətlə, qanunun giriş hissəsindəki maddələrlə əlaqədar çox böyük anlaşılmazlıq var. “Sığorta alanlar”, “sığorta olunanlar” və sair. Burada misal üçün, dövlət orqanları, seçkili orqanlar, hüquqi, fiziki şəxslər −  hamısı sığortalılar adı altında formalaşdı. Amma mən belə başa düşürəm ki, ümumiyyətlə,  hüquqi və fiziki şəxs deyəndə burada bütün cəmiyyət nəzərdə tutulur. Ona görə bunu bu dərəcədə sadələşdirmək lazım deyil.
“Faydalanan şəxslər” maddəsində göstərilir ki, 14 yaşına çatmamış uşaqlar olanda sığorta haqları ödənilir. Niyə bu 17 yaş olmasın? Bu nə ilə əlaqədardır? İnsanlar pasportu 17 yaşından alırlar. Yəni 17 yaşına qədər onlar faktiki olaraq ata-ananın himayəsində olurlar. Niyə 14 yaş götürülür, bu da burada göstərilmir.
Əli müəllim dedi, ən ciddi məsələlərdən biri sığorta tarifi ilə əlaqədardır. Deməli, Dövlət Sosial Müdafiə Fonduna biz iki faiz keçiririk. İnsan bilir ki, fonda əmək haqqından pul ödəyirsə, o 60, 63 yaşından sonra oradan müəyyən qədər vəsait götürəcək. Yəni ömürlük pensiya ilə təmin  olunacaq. Amma burada da biz 2 faiz götürürük. Bəlkə insan heç əlil olmadı, bədbəxt hadisə ilə üzləşmədi? Nəyə görə o 2 faizə qədər vəsait verməlidir? Bu nə ilə əlaqədardır? Özü də hər bir xəstəliyin özünün dərəcəsi var, səviyyəsi var. Ümumiyyətlə, 2 faiz çox yüksəkdir. Beynəlxalq aləmdə 1 faizdən yuxarı yoxdur. Qonşu Rusiyada bu, 0,52 faiz götürülüb. Bizdə niyə 2 faiz götürülməlidir? Ziyafət müəllim, bunu hesablayanda, ümumi rəqəmlərə baxanda çox böyük rəqəmlər edir. Ona görə də ən yuxarısı 1 faizə qədər olsun. Ümumiyyətlə, mən belə hesab edirəm ki, qanun layihəsinin konsepsiyası düzgün qoyulub, amma onun üzərində işləmək lazımdır. Mən bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinin tərəfdarıyam. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Təlatüm müəllim, mən xahiş edirəm, Ziyad müəllim zala gəlsin. Haradadır, bilmirəm. Qanunu təqdim edib, amma özü yoxdur. Burada fikirlər deyilir, iradlar bildirilir. Qeyd eləsin, sonra cavab versin. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İlk öncə onu söyləyim ki, müzakirə etdiyimiz layihə çox vacibdir və çoxdan qəbul olunmalı idi. Azərbaycanda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmiş işçilərin sığorta olunması sovet sistemi dağılandan sonra aparılmırdı və bu sahədə çox böyük bir hüquqi boşluq vardı. Belə bir qanunun qəbul olunması ilk növbədə işçinin və onun ailəsinin sosial müdafiəsinin güclənməsinə xidmət edəcək, istehsalatda bədbəxt hadisələrin profilaktikasını gücləndirəcəkdir. Bu, işəgötürənlərin, sahibkarların məsuliyyətini artıracaq ki, onlar işçilərin əmək mühafizəsinin yaxşılaşdırılması, bu qaydaların öyrənilməsi və təhlükəsiz əmək şəraitinin təmin edilməsi sahəsində müvafiq addımlar atsınlar.
Eyni zamanda, biz Avropa Sosial Xartiyasına qoşulmuşuq və xartiyanın tələblərindən biri də işçinin peşə xəstəliyi və bədbəxt hadisələrdən icbari sığorta olunmasıdır. Məndən öncə çıxış edən deputat həmkarlarımın fikrinə qoşularaq demək istəyirəm ki, bu, olduqca gərəkli bir layihədir. Amma burada çoxlu boşluqlar və yenidən işlənməyə ehtiyac var. Təbii ki, bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş qanun layihəsidir. Mən təklif edərdim ki, biz bunu birinci oxunuş üçün konseptual baxımdan qəbul edək, sonra bir işçi qrupu yaradaq və qanun layihəsinin müəllifləri ilə bir yerdə bu layihəni normal bir hala gətirək.
İlk öncədən məni narahat edən ayrılacaq sosial sığorta haqlarının hara toplanması və necə xərclənməsi məsələsidir ki, bu, qanunda öz əksini tapmayıbdır. Söhbət burada ildə ayrılacaq 100 milyon və ondan artıq vəsaitdən gedir. Amma ildə bu 100 milyon manat vəsaitin təxminən 15-20 milyonu sığorta haqlarına xərclənə bilər. Yəni Azərbaycanda bədbəxt hadisələrin və peşə xəstəliklərinin statistikası bunu göstərir. Qalan 80 milyon manat vəsait, − bunun da əksəriyyəti dövlət büdcəsindən ayrılan vəsaitdir, − sığorta şirkətlərinin mənfəəti üçün gedəcəkdir. Buna görə də mən düşünürəm ki, bəlkə biz bu vəsaiti ya Dövlət Sığorta Şirkətinə, ya da Dövlət Sosial Müdafiə Fonduna verək. O, bədbəxt hadisələrlə, peşə əmək xəstəlikləri ilə bağlı nə qədər sığorta halları yaranırsa, onu ödəsin. Qalanı da pensiyalara müavinətlərin vaxtında ödənilməsinə sərf olunsun və ildən-ilə büdcədən dotasiyalar azalsın. Həm burada dövlətin nəzarəti olar, bu vəsait dağılmaz, həm də korrupsiya hallarına yol verilməz.
Mən elementar bir misal çəkmək istəyirəm. Məsələn, Təhsil Nazirliyinin 150-160 min işçisi var və bu işçilərin ildə heç 0,01 faizi bədbəxt hadisəyə və yaxud peşə xəstəliyinə düçar olmur. Yəni müəllim əməyi elədir ki, burada böyük istehsalat yoxdur, xəsarət almırlar, peşə xəstəliyinə də tutulmurlar. Amma 150-160 min adam orta aylıq əmək haqqının 2 faizi məbləğində sığorta olunursa, o vəsait hər hansı bir özəl şirkətə gedəcək. Bunun da adını ölkədə sığorta sistemini inkişaf etdirmək qoyacağıq. Amma əslində, bu, dövlət büdcəsini nəzarətsiz qoymaq olacaqdır.
Burada ikinci oxunuşa aid məsələlər var, mən onlara toxunmayacağam. Amma elə konseptual, fundamental məsələlər var ki, bunlar söylənilməlidir. Məsələn,  2.10-cu maddədə  “istehsalatda bədbəxt hadisə”nin tərifi düzgün verilməyibdir. Buna fikir vermək lazımdır. Yəni toxumaların zədələnməsi ilə bağlı sağlamlığın pozulması bədbəxt hadisə sayılır. Amma radiasiya var, qorxudan, stressdən sağlamlığın pozulması var, səs-küydən karlıq və korluq ola bilər, amma bədən üzvləri heç zədələnmir. Onda belə çıxır ki, bunlar sosial sığorta hadisəsi olmayacaqdır.
Məndən öncə söylədilər, təbii ki, burada “faydalanan şəxs” ola bilməz. Xəsarətdən zərər çəkmiş şəxslər və ödənc ödənilən şəxslər ola bilər. Tutaq ki, ailə başçısı əmək zədəsi və yaxud da  peşə xəstəliyi nəticəsində dünyasını dəyişib. Onun ailə üzvləri, yaxud da həyat yoldaşı əgər əmək qabiliyyətli deyilsə, pensiya yaşında deyilsə, o heç bir ödənc almır. Bu doğru deyil. Ailənin başçısının itirilməsi ailəyə ziyan vurulmasıdır. Bu da öz həllini tapmalıdır.
7.3-cü maddədə çox vacib bir məsələ  var. Sığorta hadisəsinin baş verdiyi halda yalnız əmək xəsarəti və peşə xəstəliyinə görə ödənc ödəniləcəkdir. Əgər işçi ilə işəgötürən müqavilə bağlamayıbsa, belə çıxır ki, həmin müəssisədə xəsarət alan işçi heç bir sığorta hadisəsinə cəlb olunmayacaqdır.
Qanunda bütün qaydaların müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunması göstərilir. Düşünürəm ki, belə olmalı deyil. Həm sığorta hadisəsinin baş verməsi, həm də odənclərin ödənilməsi, birdəfəlik, aylıq sığorta məbləğlərinin müəyyən edilməsi qaydası bu qanunda olmalıdır. Yəni sonradan müəyyən maraqlar ortaya çıxmamalıdır. Biz indi əmək pensiyalarımın ödənilməsi məsələsini qanunla müəyyən etmişik. Müavinətlərin, ünvanlı sosial yardımın ödənilməsinin qaydalarını qanunla müəyyən etmişik. Düşünürəm ki, bu da qanunla müəyyən olunmalıdır. Ümumiyyətlə, mən çox danışıb vaxt almaq istəmirəm. Düşünürəm ki, ikinci oxunuşda da deyiləsi məsələlər çoxdur. Yenə o təklifimə qayıdıram ki, bu qanun konseptual baxımdan birinci oxunuşda qəbul olunsun, sonra qanunun müəllifləri ilə bir yerdə işçi qrupu yaradılsın və ikinci oxunuş üçün mükəmməl şəkildə işlənilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi ilə bağlı şəxsin həyatdan məhrum olması və əmək qabiliyyətini itirməsi, ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi üçün yeni bir şey deyil. Amma bu hadisələr nəticəsində icbari sığortanın müəyyən olunması və belə bir qanunu qəbul etməklə sığorta fəaliyyətinin yeni bir sahəsinin müəyyən olunması təqdirəlayiq bir haldır. Mən bu qanun layihəsini alqışlayıram və onun qəbul olunmasına səs verəcəyəm. Amma qanun yaradıcılığı texnikası baxımından bəzi iradlarım var.
Birinci iradım qanun layihəsinin preambulası ilə bağlıdır. Layihənin preambulasından belə çıxır ki, bu qanunun subyektlərinin sırasında sığorta olunanlara yalnız Azərbaycan vətəndaşları aid ola bilərlər. Amma əslində, bu gün qüvvədə olan qanunvericiliyə görə belə bir əmək fəaliyyəti ilə bağlı xaricilər və vətəndaşlığı olmayanlar da Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Ona görə təklif edirəm ki, qanun layihəsinin preambulasında Azərbaycan vətəndaşları ilə yanaşı, “xaricilər və vətəndaşlığı olmayanlar” ifadəsi də işlədilsin. Yəni bu, xaricilərə və vətəndaşlığı olmayanlara da şamil olunsun.
Mənim ikinci iradım 2.0.10-cu maddə ilə bağlıdır. Burada “istehsalatda bədbəxt hadisə”nin anlayışı verilir. Həmin mətndən belə görünür ki, istehsalatda bədbəxt hadisə yalnız xəsarət alma və toxumaların zədələnməsidir, amma ölüm bədbəxt hadisə deyil. Ona görə təklif edirəm ki, bu maddə yenidən işlənilsin, çünki söhbət istehsalatda bədbəxt hadisədən gedir, ölüm bura daxil olunsun.
Bundan başqa, layihədə xəbərsiz itkin düşmə ilə bağlı heç bir şey yoxdur. Amma bilirik ki, böyük bir müəssisədə istehsalat qəzası, partlayış nəticəsində müəyyən işçilər xəbərsiz itkin düşə bilər. Bilirik ki, xəbərsiz itkin düşmənin ölüm faktına keçirilməsi ilə bağlı məsələ mülki qanunvericilikdə var. Burada xəbərsiz itkin düşənlərlə bağlı məsələ də nizamlansa, daha yaxşı olar. Ümumilikdə, mən bu layihənin qəbul olunmasının tərəfdarıyam və hörmətli həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, vətəndaşlarımızın sosial hüquqlarının ən vacib elementi kimi sığorta məsələsinə ayrılıqda qanunvericilik aktı ilə yer verilməsi çox mühüm hadisədir. Lakin burada deyilən məsələlərin hər biri özündə çox fundamental tezislər ifadə edir. Yəni sığorta məsələsi ilə əlaqəli bir sıra konseptual yanlışlıqlar var ki, biz onları, həqiqətən də, bu qanunvericilikdə nəzərə almalıyıq.
Yeri gəlmişkən, keçmiş sovet dövrü ilə hər hansı Avropa ölkəsini müqayisə edəndə məhz sığorta sisteminin o ölkələrdə güclü qurulduğunu və ona görə vətəndaşın həyatının səmərəli formada təmin olunduğunu qeyd edirik. İndi bizim bu qanun layihəsində edə biləcəyimiz yanlışlıqlar vətəndaşlarımızın haqlarına çox mənfi təsir göstərə bilər. Ötən dəfə sosial müdafiə ilə bağlı məsələdə də, əslində, bu təkliflər səslənirdi. Yəni, sadəcə, həyatını sığorta etmək məsələnin çox kiçik bir hissəsidir. Həmin vəsaitlərin idarə olunması, onun hesabına əlavə yeni gəlirlərin yaradılması və vətəndaşların həyatına təsir göstərilməsi dövlətin üzərində olan ən mühüm vəzifədir. Biz isə bu qanun layihəsində onu, demək olar, nəzərə almamışıq. Ona görə mən hesab edirəm ki, bu layihənin konseptual olaraq bitkin olmayan cəhətləri var. Yəqin ki, hörmətli Ziyad müəllim sonra kompüter vasitəsilə stenoqramları canlı olaraq dinləyəcək və qanun layihəsinin üzərində geniş iş aparacaqdır. Birinci, hörmətli Ziyafət müəllim, bu adla bağlı məsələlərə toxunuldu. Siz görürsünüz, əvvəl istehsalatdan danışılır, sonra Milli Məclis üzvləri də olmaqla daha böyük bir dairə bura daxil edilir. Ola bilər, kim isə indi deyir ki, biz qanun istehsalçılarıyıq. Amma harada yazılıb ki, biz ümumilikdə istehsalatda çalışırıq? Yox. Yerdə qalan digər seçkili orqanlardan da burada söhbət açılır və sair. Belə olan tərzdə ya qanunun adı dəyişdirilməlidir, ya da bu adla qalırsa, ona müvafiq olan sektorun həyatı bununla tənzimlənməlidir. Yəni yerdə qalanlarla bağlı ayrı qanunvericilik aktı olmalıdır.
Mən bayaq toxunduğum məsələ ilə əlaqədar bir fikri də demək istəyirəm. Hər  il parlament üzvlərinin həyatı 64 min manat vəsaitlə sığorta olunur. Xoşbəxtlikdən heç kəs bunu almır və bu vəsaitlər də yığılır, qalır.
Sədrlik edən. Bu 64 min manat az vəsait deyil, Zahid müəllim.
Z.Orucov. Bunu ancaq ölməklə qazanmaq olar. Belə olan təqdirdə o vəsaitlərin, həqiqətən də, hara ayrılırsa, onun üzərində yığılması, idarə olunması və sonradan vətəndaşın həyatına təsir göstərməsi mühüm məsələ olmalıdır. Həqiqətən də, ən müxtəlif sektordan sığorta vəsaitləri kifayət qədər böyük həcmdə yığılır. Əlbəttə, bu, ikinci oxunuş deyil, amma qanunvericilik texnikası nöqteyi-nəzərindən mən ilk dəfədir görürəm ki, müxtəlif sahə strukturlarının adları qanunvericilik sənədinə daxil olunub. AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED şirkəti, müxtəlif petroleumlar və sair. Heç zaman belə olmur. Qanun qəbul olunur, qanunun tətbiq dairəsi ilə bağlı verilən fərmanda bu məsələlər göstərilə bilər.
Üçüncü, burada sığorta məbləği ilə bağlı məsələlərə toxunuldu. Mən də o fikirləri bölüşürəm və onları təkrar etmək istəmirəm. Sığorta hadisəsi ilə bağlı məsələyə münasibət bildirmək istəyirəm. Nələr sığorta hadisəsi hesab olunur? Həqiqətən, bu məsələnin də dairəsinin çox məhdud götürülməsini biz qeyd etməliyik. Mən, əlbəttə, o fikirdə də deyiləm ki, biz küçədə baş vermiş hadisəni də sığorta hadisəsi sayaq, bu da yanlış olar. Dövləti, yaxud konkret onu sığorta edən şirkətləri bu qədər yükləmək olmaz.
Sonda ən vacib məsələlərdən birini qeyd etmək istəyirəm. Mən xatırlayıram, əvvəllər bununla bağlı mənə müəyyən müraciətlər olurdu. Hər hansı bir şirkət fəaliyyət göstərir, orada çalışanların həyatını sığorta edir və yaxud da istehsalat sığortaları baş verir. Sonra o şirkət bağlanır və onun heç bir hüquqi varisi də qalmır. Yaxud da əmlakın və digər vəsaitlərin dövlət hesabına götürülməsi və sonra onların əvəzi kimi insanlara verilməsi də baş vermir. Vətəndaş da illərlə zəhmət çəkir, müəyyən bir sığorta məbləğləri formalaşır. Amma o sonra, sadəcə, taleyin ümidinə qalır. Bu məsələdə qanunvericilik də hər hansı bir formada tənzimlənməlidir. Yəni o rəhbərliyin və yaxud da o iş aparanların sığorta etdikləri şəxslər qarşısında məsuliyyətini, borcunu gələcək dövrdə də yerinə yetirməsi məsələsi qanunvericilikdə tənzimlənməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, deputat həmkarlarımız bu qanun barədə çox geniş məlumat verdilər. Bu qanun olduqca vacibdir. Yəni indiyə qədər sığorta sistemində mövcud olan boşluqların və cəmiyyətimizi, ictimaiyyətimizi narahat edən problemlərin tənzimlənməsi, bəzilərinin aradan qaldırılması üçün olduqca gərəkli bir hüquqi normativ sənəddir.
Hörmətl Ziyafət müəllim, “peşə əmək qabiliyyətinin itirilməsi” termini, doğrudan da, qanunvericiliyimizdə yenidir, bu və ya digər məsələlərin həllində lazımdır, zəruridir. Həm də layihədə icbari sığortanın səmərəli mexanizmi yaradılmışdır, bu da açıq-aydın görünür. “Sığorta olunan”, “sığortalı”, “sığortaçı” və “faydalanan şəxs”dən ibarət olan bu mexanizm sivil bazar prinsiplərinə uyğun həyata keçiriləcəkdir.
Bununla yanaşı, birinci oxunuşun tələblərinə uyğun olaraq bir sıra qeydlərimi də bildirmək istərdim. Birinci, sığorta ilə bağlı məsrəflər burada  müəssisə və təşkilatların, yəni iş yerlərinin üzərinə qoyulur. Bu da qeyd edək ki, onların maliyyə öhdəliklərinin artmasına gətirib çıxaracaqdır. Bu, şübhəsizdir. Düzdür, son illər Milli Məclisdə vergi və sığorta tariflərinin daim azaldılması barədə tədbirlər görülmüşdür, qanun layihələri hazırlanmışdır. Bu da həmin müəssisələrin fəaliyyətinin rentabelliyi üçün  şərait yaratmışdır. Təkcə misal üçün deyə bilərəm ki, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 2 faiz azaldılaraq 20 faizə endirilmişdir. Layihənin 13-cü maddəsinə görə “peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta faizləri 2 faizdən artıq olmamaq şərti ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Mən başa düşmürəm, nəyin 2 faizi nəzərdə tutulur? Bu, aydın deyil. Hansı göstəricinin 2 faizi? Söhbət nədən gedir? Hesab edirəm ki, bu ifadənin bir qədər dəqiqləşdirilməsinə ehtiyac vardır. Burada sual ortaya çıxır ki, əgər belə gedərsə, bu, sonra qanunun tətbiqində hər hansı bir neqativ hallara gətirib çıxarmayacaqmı? Şübhəsiz ki, belə də olacaq.
Digər tərəfdən, qeyd olunur ki, sığorta tarifləri hər il üçün müəyyən olunur. Mən təklif edərdim ki, digər icbari sığorta qanunlarında olduğu kimi, bu tarifləri qanunla dəqiq şəkildə müəyyən edək. Hesab edirəm ki, bu halda praktikada yarana biləcək bir sıra problemlərin aradan qaldırılması mümkün olacaqdır. Düşünürəm ki, həm sığorta olunanların, həm sığortalının, həm də sığortaçının hüquq və vəzifələri qanunda çox gözəl verilmişdir. Lakin sığortaçıların qanun layihəsində göstərilən bu öhdəlikləri layiqincə yerinə yetirməsi üçün onların daha da inkişaf etdirilməsinə, fəaliyyətlərinin dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Mən bu qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, çox vacib və əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik. Ziyafət müəllim, mən konkret olaraq bir sahə haqqında fikrimi bildirmək istəyirəm. Mən tikinti sektoru ilə bağlı məsələni müzakirənizə çəkmək istəyirəm. Siz bilirsiniz ki, ümumiyyətlə, tikinti sektorunda çalışan insanlarla bağlı Əmək Məcəlləsinin müddəaları çox ciddi, kobud şəkildə pozulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyinin də bununla bağlı çox ciddi araşdırmaları var. Həmin araşdırmalar nəticəsində tikinti sektorunda çox ciddi qanun pozuntularının olduğu aşkarlanıbdır. Ciddi qanun pozuntularından biri də ondan ibarətdir ki, ümumiyyətlə, tikintidə çalışan işçilərlə, fəhlələrlə, bir qayda olaraq, əmək müqaviləsi bağlanılmır. Belə olan halda mənim üçün aydın deyil ki, bu insanlarla əmək müqaviləsi bağlanmayıbsa, onlarla bağlı icbari sığorta məsələsi necə həyata keçirilə bilər?
Digər bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, maddə 14-də göstərilib ki, sığorta haqqı və sığorta məbləği birillik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Bu da faktdır, bu da reallıqdır ki, tikinti sektorunda çalışan insanların, demək olar ki, 80 faizinin məvacibi maaş cədvəllərinə daxil edilmir. Bilirik ki, hər bir tikintidə ən azı 70, 80, 100 nəfər işçi çalışır. Amma maaş cədvəllərində cəmi 5-10 nəfərin adı göstərilir. Aydındır ki, bu da vergilərdən yayınmaq məqsədi güdür. Əgər rəsmi sənədlərdə işçilərin, fəhlələrin maaşları düzgün göstərilmirsə, onlara sığorta məbləği hesablanarkən düşünürəm ki, burada çox ciddi fəsadlar ortaya çıxacaq. Ümumiyyətlə, mən bilmək istəyirəm ki, bu problemlər həll olunmadan, bu problemlər aradan qaldırılmadan bu qanunun işləmə mexanizmini necə tapmaq olar? Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev.
Ç.Əsədullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılmış qanun layihəsi konseptual baxımdan olduqca vacib bir sənəddir. Hesab edirəm, hazırda qanunda göstərilmiş münasibətlər ancaq və ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və bir sıra digər qanunvericilik aktları ilə tənzimlənib. Belə bir qanunun olması mütləq lazımdır, çünki qanunvericilikdə boşluq var.
Hörmətli Ziyad müəllim öz çıxışında qeyd etdi ki, bəzi ziddiyyətlər var. Hesab edirəm, bugünkü çıxışlarda səslənən sualları və təklifləri nəzərə alıb və ikinci oxunuşa qədər bütün bu suallara cavab veriləcək. Ziddiyyətləri də qanun hazırlayan qurumlarla aradan qaldırmağa hazırıq. Düzdür, burada 5 milyard söhbəti oldu, 2 faiz məsələsi qaldırıldı. İş bundadır ki, qanuna baxsanız görəcəksiniz ki, burada hərbi və ya xüsusi rütbəsi olan şəxslər istisna olunur. Eyni zamanda, bəzi maddələrdə “müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuları” sözləri də göstərilib. Yəni belə ziddiyyətlər var. Amma hesab edirəm, biz gərək onu da nəzərə alaq ki, misal üçün, müdafiə, təhlükəsizlik orqanları ilə bağlı bu məsələlər başqa qanunlarla tənzimlənir. Onlar həmin 5 milyard məbləğə daxil olurlar, amma bu qanundan çıxmalıdırlar. Mən hesab edirəm ki, bu, konseptual baxımdan lazımlı qanundur. Ona görə mən qanun layihəsinə səs verəcəyəm. İkinci oxunuşa qədər biz bu məsələlərin hamısına öz münasibətimizi bildirəcəyik. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihəsi ilə bağlı xeyli suallar ortaya çıxdı. Amma hesab edirəm, birinci oxunuşdur, konseptual cəhətdən hamı bu qanunu bəyənib. Ziyad müəllim, yəqin ki, iradlar və təkliflər qeyd olunub, ikinci oxunuşa qədər konkret bir məxrəcə gəlmək olacaq. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr      (saat 16.41 dəq.)
Lehinə                                         100
Əleyhinə                                        0
Bitərəf                                            1
Səs verməd                                 1
İştirak edir                                   102
Nəticə: qəbul edildi


Qəbul edildi, sağ olun.
Növbəti məsələ Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsidir. Eldar müəllim, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar və hörmətli qonaqlar! Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanunu layihəsinin Milli Məclisdə birinci oxunuşu və Aqrar siyasət komitəsinin iclasında müzakirəsi zamanı hörmətli deputat həmkarlarım Elton Məmmədov, Musa Quliyev, Pənah Hüseyn, Aynur Quliyeva, Əli Məsimli, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev və Aqrar siyasət komitəsinin üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Məjlum Şükürov, Gülhüseyn Əhmədov, Miri Qənbərov, Vidadi Məmmədov, Ərəstun Cavadov, Azər Kərimli, Tahir Süleymanov qanun layihəsinin vacibliyini, aktuallığını və qəbul edilməsinə ehtiyac olduğunu bildirmişlər. Onlar, eyni zamanda, bu qanunun ölkəmizdə hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin, vətəndaş-dövlət münasibətlərinin daha sivil müstəvidə inkişaf etdirilməsi istiqamətində irəliyə atılmış növbəti addım olmasını qeyd etmişlər.
Bununla yanaşı, hörmətli deputatlar qanun layihəsi ilə əlaqədar bir çox irad, rəy və təkliflər də bildirmişlər. Bu təkliflərə işçi qrupunda baxılmış, komitədə müzakirə edilmiş və qanun layihəsi ikinci oxunuş üçün hazırlanarkən, əsasən, nəzərə alınmışdır. Qanun layihəsinin birinci oxunuşundan sonra layihəyə edilən əlavə və düzəlişlər sizə paylanmış variantda qara hərflərlə verilmişdir. Qanun layihəsinin preambulasında və 69 maddəsində 250-dən artıq əlavə və düzəlişlər aparılmış, 11 yeni müddəa əlavə edilmiş, 3 müddəa layihədən çıxarılmışdır. Layihə, demək olar ki, dil və üslub baxımından bir daha Prezident Administrasiyasının əməkdaşları ilə redaktə edilərək yenidən işlənmişdir. Bu əlavə və dəyişikliklər dövlət ehtiyaclarının daha dəqiq və konkret müəyyən edilməsinə, şəffaflığın genişləndirilməsinə və insan hüquqlarının tam təmin edilməsinə yönəlmişdir.
Layihə birinci oxunuşda Milli Məclisdə müzakirə edilərkən əsas diqqət bu gün üçün çox problemli, ağrılı məsələlərə, dövlət ehtiyaclarına aid olan torpaqlara aydınlıq gətirilməsinə yönəldi, alına bilən torpaqlara, alınmanın təsirinə məruz qalan şəxslərin tam əhatə edilməsinə, alınan torpaqların qiymətinin ədalətli müəyyən edilməsinə, kompensasiyanın vaxtında və tam ödənilməsinə, vətəndaşların köçürülməsinə və həyata keçiriləcək digər tədbirlərə dair fikirlər söylənildi. Gördüyünüz kimi, layihədə bu fikirlər mümkün qədər nəzərə alınıb, xeyli təkmilləşmələr, konkretləşmələr aparılıb, redaktə edilib. Qanun layihəsi indi daha oxunaqlıdır.
Hörmətli Elton müəllim çox düzgün qeyd etdi ki, son illər respublikamız yüksək inkişaf dövrünü yaşadığından həyata keçirilən infrastruktur dəyişiklikləri torpaqla və digər daşınmaz əmlakla bağlı qanunvericiliyə yeni yanaşma tələbini irəli sürür. Bu baxımdan o, layihədə torpaqların dövlət ehtiyacları üçün alınması zamanı bütün prosedurların və aparılan əməliyyatların tam şəffaf olmaqla mülkiyyət hüquqlarının gözlənilməsi şəraitində həyata keçirilməsinə, qanun layihəsinin müvafiq maddələrinin mülki və torpaq qanunvericilikləri ilə uzlaşmasına diqqət yetirilməsini təklif etmişdir. Belə bir təklif deputat həmkarlarım Miri Qənbərov və Gülhüseyn Əhmədov tərəfindən də qeyd edilmişdir. Deyilənlər nəzərə alınıb, layihənin 5.2-ci maddəsi redaktə edilərək “dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır” kimi verilmişdir.
Bu qanunda ən çox maraq doğuran və qanunun məqsədlərini özündə əks etdirən maddələrdən biri 3-cü maddədir. Bu maddə ilə torpaqların alınmasını zəruri edən dövlət ehtiyaclarının əhatə dairəsi müəyyən edilir.
Deputat həmkarım Aynur Quliyeva öz çıxışında bu qanun layihəsinin Konstitusiya qanunları ilə bir səviyyədə tutulmasını qeyd etməklə yanaşı, təklif etmişdir ki, qanun layihəsində bütün mümkün kommunikasiya xətlərinin dövlət ehtiyaclarına aid edilib-edilməməsi aydın göstərilsin. Bu təklif deputat həmkarlarım Musa Quliyev, Vidadi Məmmədov və Novruzəli Aslanovun çıxışlarında da irəli sürülmüşdür. Bununla əlaqədar layihənin 3.1.1-ci maddəsi yenidən işlənərək daha da konkretləşdirilmişdir. Yəni bu maddə aşağıdakı redaksiyada verilir: “Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, hidrotexniki qurğuların, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin) çəkilməsi”. Yəni digər kommunikasiya xətlərinə nələrin aid olduğu öz əksini tapır.
Eyni zamanda, 3.1.3-cü maddədə “müdafiə ehtiyacları” ilə yanaşı, “təhlükəsizlik ehtiyacları” da əks olunmuşdur. Bundan başqa, bu maddəyə dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsini özündə ehtiva edən 3.1.4-cü bənd əlavə edilmişdir. Bu da Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə imkan verəcəkdir.
Xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlar dövlət ehtiyacları üçün alındıqda onun kateqoriyası və mülkiyyət növü dəyişir, dövlət torpaqları üzərindəki istifadə və icarə hüquqları geri alındıqda isə yalnız onun kateqoriyası dəyişir. Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq hər il ölkə üzrə tərtib edilən torpaq balansında öz əksini tapmalıdır. Lakin bunlar layihədə nəzərdə tutulmadığına görə layihəyə yeni 18.2.8, 19.5 və 20.1.1-ci müddəalar əlavə edilməklə bu qanunla mülki və torpaq məcəllələri arasında uzlaşma təmin edilmişdir.
Deputat həmkarlarım Qüdrət Həsənquliyev, Əli Məsimli və Pənah Hüseyn tərəflər arasında razılıq əldə edilmədikdə torpaqların dövlət ehtiyacları üçün alınmasının yalnız məhkəmənin qərarı əsasında həyata keçirilməsini, habelə alınma ilə əlaqədar kompensasiyanın ədalətli hesablanması və vaxtında ödənilməsini təklif etmişlər. Bu məsələ, həqiqətən də, cəmiyyətdə narahatlıq doğuran problemlərdəndir və belə hallarla vaxtaşırı rastlaşmaq olur. Alınmanın təsirinə məruz qalan kompensasiya almaq hüququ olan şəxslərin siyahısının dəqiqləşdirilməsi və onlara veriləcək kompensasiyanın tam və ədalətli ödənilməsini təmin etmək üçün layihənin 11-ci, 36-cı və 54-cü maddələrinə əlavələr edilmişdir.
Eyni zamanda, bildiririk ki, layihənin “Məhkəmə təsdiqi” adlanan 52-ci maddəsində göstərilir ki, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Bunun üçün alan orqan torpağın alınmasının bu qanun layihəsinin 3-cü maddəsinin tələblərinə uyğun olması, alınan torpağa sahibliyin bu qanun layihəsinin tələblərinə uyğun olaraq əldə edilməsi və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün məhkəməyə müraciət edir. Yəni torpağı alan orqan öz hərəkətlərinin qanunauyğun olmasına əmin olmaq üçün özü məhkəməyə müraciət edir. Yalnız bunların təsdiqinə dair məhkəmənin qüvvəyə minmiş qərarı olduqdan sonra bu torpaqlar üzərindəki bütün hüquqlar dövlətə keçir. Göründüyü kimi, qanun layihəsində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin hüquqları tam qorunur və müdafiə edilir. Həmin maddədə alınmanın təsirinə məruz qalan şəxslərin istənilən orqanın və ya vəzifəli şəxsin qəbul etdiyi qərardan və qanunazidd hərəkətlərindən yuxarı orqana və ya məhkəməyə müraciət etmək hüququ bir daha təsbit edilir ki, bu da onların hüquqlarının tam qorunmasına imkan yaradır.
Hörmətli həmkarlarım Musa Quliyev, Məjlum Şükürov, Tahir Süleymanov və başqaları alınmanın təsirinə məruz qalan sənədsiz tikililərin sökülməsi zərurəti yarandığı halda onlara münasibətin necə olacağı ilə maraqlanmış və bu vacib məsələnin layihədə əks olunmasını təklif etmişdilər. Bildirirəm ki, layihənin 7.3.5-ci maddəsində yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslərin siyahısına daxil edilir. Lakin onlara başqalarından fərqli olaraq torpağı qeyri-qanuni, yəni zəbt edərək tutduqları üçün torpağa görə kompensasiya verilmir. Bununla yanaşı, “bu kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla yalnız onların köçürülməsi və onun asanlaşdırılması ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər”.  
Hörmətli deputat həmkarlarım Eldar Quliyev, Aynur Quliyeva, Ərəstun Cavadov, Azər Kərimli alınmaya məruz qalan şəxslərə veriləcək kompensasiyanın ədalətli hesablanması və qiymətləndirmənin düzgün aparılmasının vacibliyini qeyd etmişlər. Bununla əlaqədar layihənin 19.3-cü maddəsinə “üzvlərinin sayı 20-dən az olmayan, yarısı müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrindən, yarısı isə qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən müstəqil qiymətləndiricilərdən ibarət qiymətləndirmə komissiyası yaradılır” məzmununda cümlə əlavə edilmişdir. Eyni zamanda, bu komissiya köçürülmə və ya yerdəyişmə ilə əlaqədar ödəniləcək kompensasiya hesablanarkən layihənin 58-ci və 59-cu maddələrinə əsasən bazar qiyməti və bərpa qiymətindən istifadə edəcəkdir ki, bu da ədalətli qiymət müəyyən etmək üçün tam yetərlidir.
Hazırda cəmiyyətdə ən ağrılı məsələlərdən biri də dövlət ehtiyacları üçün alınan torpaqlardan insanların köçürülməsi ilə bağlıdır. Bununla əlaqədar layihədə “Köçürülmənin təşkili” adlı 9 maddədən ibarət ayrıca fəsil verilmişdir. V fəsildə olan maddələrə bu narahatlığın tam olaraq aradan qaldırılması üçün müvafiq dəyişikliklər edilmişdir. Həmin maddələrə uyğun olaraq alan orqan tərəfindən köçürülmə planı və ya təlimatı hazırlanır, alınmanın təsirinə məruz qalan şəxslərin yeni yaşayış yerində məskunlaşmasından ötrü evlər tikilir, həmin ərazi kommunikasiya xidmətləri ilə təmin edilir və digər tədbirlər həyata keçirilir. Əvvəlki yerdəki şəraitə bərabər olan yeni yaşayış məskəni tam hazır olduqdan sonra həmin şəxslərə köçürülmə ilə bağlı kompensasiya tam məbləğdə ödənilir və köçürülməyə başlanılır.
Layihənin 42.1.3-cü maddəsinə əsasən köçürülmədən sonra keçid dövrü üçün dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün maddi, təlim və digər yardımlar nəzərdə tutulur. Bu da onlara dəyən ziyanı minimuma endirir və hüquqlarının qorunmasına təminat verir.
Deputat həmkarım Pənah Hüseyn Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edərək qanunun adının “Torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi” kimi yazılmasını təklif etmişdir. Bununla əlaqədar bildirirəm ki, “özgəninkiləşdirmə” geniş əhatəli məfhum olmaqla əmlakın satılması ilə yanaşı, həm də bağışlanması, vərəsəlik qaydasında başqasına keçməsi, dəyişdirilmə və başqa formalarda həyata keçirilə bilər. Bu mənada torpağın alınması da özgəninkiləşdirmənin bir forması olduğundan qanunun adının yazıldığı kimi saxlanması Konstitusiya ilə heç bir ziddiyyət təşkil etmir və məsələnin mənasının daha anlaşılan olmasına xidmət edir.
Digər bir tərəfdən, qanun layihəsində göstərilir ki, dövlət ehtiyacları üçün xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlar satın alınaraq onlar dövlət mülkiyyətinə keçir. Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə isə bu torpaqlar üzərində olan hər hansı dövlət müəssisələrinə və təşkilatlarına verilmiş istifadə və icarə hüquqları geri alınır. Yəni dövlət torpaqlarında mülkiyyət növü dəyişməz qalır, yalnız sahiblik dəyişir ki, bu da mülkiyyətin özgəninkiləşdirilməsi demək deyildir. Bununla əlaqədar layihənin 1.1.1-ci maddəsində “alınma” sözünün anlayışında müvafiq dəyişikliklər aparılaraq məsələyə aydınlıq gətirilmişdir.
Hörmətli Rafael müəllim hesab edir ki, qanunun adı “torpaqların” yox, “mülkiyyətin dövlət ehtiyacları üçün alınması” yazılsa, daha yaxşı olardı, çünki Konstitusiyanın 29-cu maddəsində də söhbət torpaqdan deyil, mülkiyyətdən gedir. Bildirirəm ki, bu qanunun əsas məqsədi mülkiyyətin bir forması olan torpaqların istifadə təyinatının dəyişdirilməsi ilə əlaqədar yarana biləcək münasibətlərin hüquqi tənzimlənməsindən ibarətdir. Mülkiyyət, yəni əmlak dedikdə bu daha geniş məna verir və belə olan halda bir çox əlavə məsələlərə də aydınlıq gətirilməsi zərurəti yarana bilər. Bu da qanunun məqsədinə uyğun deyil. Digər tərəfdən, layihənin 1.1.11-ci maddəsində “torpaq” anlayışında qeyd olunur ki, “torpaq” deyəndə yalnız torpaq sahəsi yox, həm də torpaq sahəsi ilə bağlı daşınmaz əmlak da nəzərdə tutulur. Yəni bu qanunda yalnız torpaq və onunla bağlı daşınmaz əmlak hüququ haqqında münasibətlərə aydınlıq gətirilir, digər əmlak növlərindən isə söhbət getmir. Bu səbəbdən də hesab edirik ki, qanunun adı onun mətninə və məqsədinə daha uyğundur və dəyişməyə ehtiyac yoxdur.
Hörmətli deputatlar, mən bu qısa çıxışımda çalışdım ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanunu layihəsinə ikinci oxunuş üçün irəli sürülən təklif və rəylərin əsasında edilən əlavə və dəyişikliklər barədə sizə məlumat verim. Aqrar siyasət komitəsi hesab edir ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə uyğun gəlir və müzakirəyə hazırdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü qaydasında möhtərəm Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edildiyindən birinci oxunuşda müzakirədən sonra layihədə aparılan əlavə və dəyişikliklər Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi ilə razılaşdırılmışdır. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Hörmətli millət vəkilləri,  qanun layihəsinin ikinci oxunuşudur, ona görə bunu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbuluna münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr     (saat 16.56 dəq.)
Lehinə                                         94
Əleyhinə                                       0
Bitərəf                                           2
Səs verməd                                0
İştirak edir                                   96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Yazılanlar 17 nəfərdir. Çıxışları 5 dəqiqə edək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə limit qoyduq. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən prinsipcə o konsepsiyanın tərəfdarıyam ki, bu qanundan öncə iki qanunun qəbul olunmasına ehtiyac var. Mülkiyyətin dövlət ehtiyacları üçün alınması haqqında və Dövlət ehtiyacları haqqında baza qanunları qəbul olunmalıdır. Ümumiyyətlə, “dövlət ehtiyacları”nın mənası nədir? Bundan əvvəl Mənzil Məcəlləsi qəbul olunanda fərqli anlayışları özümüz fərqli şəkildə Konstitusiyaya uyğunlaşdırmağa çalışdıq və yaxşı mənada da uyğunlaşdıra bildik. Bundan sonra da məsələnin Konstitusiyaya uyğunlaşdırılmasında ciddi problemlər yaranacaqdır. Çünki “ictimai ehtiyaclar” ifadəsini çıxardıq, bu, təbii ki, sosializmdən gələn bir anlayışdır, zəhmətkeşlərin marağını təmin etməkdir. İndi dövlət ehtiyacının da tərifi düzgün verilmədiyinə görə bəzi məsələlər ortaya çıxır.
Biz respublikayıq, seçkili qurumlar vasitəsi ilə dövlət idarəetməsi həyata keçirilir. Tutaq ki, bu gün bir partiya hakimiyyətdədir, bunu özü müəyyən edir. 5 ildən sonra həmin dövlət ehtiyacı, həmin kommunikasiya, həmin yol, həmin infrastruktur doğru sayılmaya bilər. Onda necə olur? O baxımdan hesab edirəm ki, burada rəqəmlər mütləq dəqiq göstərilməlidir. Torpaq dövlət ehtiyacı üçün verilirsə, heç olmasa, əhalisi minimum 100 mindən artıq olan şəhərlərdə baş planda təsdiq olunandan sonra həyata keçirilir. Amma Azərbaycanda necədir? Özünüz bilirsiniz ki, istənilən vaxt istənilən yerdən körpü sala bilirlər, istənilən vaxt bir yerdən yol çəkilir. Vicdanlı alıcı kimi vətəndaş torpaq, mülkiyyət alır, sabah da traktorun qabağına verib sökürlər. Ona görə də, məncə, dövlət ehtiyacının dəqiq tərifini vermək üçün onun prosedurunu çətinləşdirmək lazımdır. Adi icra orqanının sadə qərarı ilə müəyyən olunan “dövlət ehtiyacı” anlayışı ortadan qaldırılmalıdır. Bu, praktikada ciddi çətinliklər yaradacaq.
İkinci, 4-cü maddədə məhkəmə qərarları ilə bağlı müddəa verilib. Bu, Konstitusiyaya ziddir. Ona görə ziddir ki, mülkiyyət başqa vasitələrlə özgəninkiləşdirilə bilməz, şəxsin mütləq razılığı olmalıdır. Amma burada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilirsə, mütləq mövcud bazar qiymətləri hər dəqiqə vurğulanmalıdır. Mövcud bazar qiymətlərindən aşağı bu alınmaya yol verilməməlidir. Çünki indiyə qədər bunun praktikada nə qədər problem yaratdığının hamımız şahidi olduq.
Bu qərarlar hər hansı bir şəkildə vətəndaşın marağını ifadə etmədiyinə görə mütləq iclaslar keçirilir. Bu, 15-ci maddədə də verilib. İclasların protokolları hər bir maraqlı şəxsə təqdim olunmalıdır. Burada bu, nəzərdə tutulmur. Amma dövlət orqanı sonradan başqa qərar qəbul edə və protokolu  saxtalaşdıra bilər. Deyə bilər ki, belə bir danışıq olmayıb. Onda nə vəziyyət yaranacaq? Ona görə 15.6-cı maddədən sonra qeyd olunmalıdır ki, hər bir şəxsə protokolun bir nüsxəsi verilməlidir.
Burada bir neçə yerdə “ağlabatan qiymət”də və “ağlabatan müddət”dən söhbət gedir. Bu “ağlabatan” nədir? Ümumiyyətlə, dövlət orqanında işləyən məmurun ağlı ilə öz mülkiyyətini itirən adamın arasında hər halda kritik bir fərq yaranır. Ona görə də burada “ağlabatan” yerinə daha çox “real qiymət”dən, “real müddət”dən söhbət getməlidir. Bu ifadənin burada olması məsələni bir az da ağırlaşdırır, mürəkkəbləşdirir.
Bütövlükdə mən o fikirdəyəm ki, mütləq qanundan öncə “dövlət ehtiyacı” ciddi açılış verməliyik. Sonrakı qanunlarda bu bizə problem yaradacaq. Mənzil Məcəlləsində və digər mülkiyyət növlərində yaradacaq. Bu məsələ həll olunandan sonra artıq bunun digər məsələlərə tətbiqi daha rahat olacaqdır. Bu istiqamətdə düşünməyimiz yerində olar. Hər halda qanun üzərində çox ciddi iş gedib, bunu da təqdir edirəm. Hesab edirəm ki, bu məsələnin üzərində düşünməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən öncə Eldar müəllimə öz təşəkkürümü bildirmək istəyirəm ki, birinci oxunuşda hər bir millət vəkilinin söylədiyi məqamlara xüsusi diqqət yetirilib və onların fikirləri nəzərə alınıb. Ümumiyyətlə, konseptual baxımdan bu qanunu müzakirə eləyəndə də söyləmişdik ki, bu qanunun canı nədədir. Konstitusiyanın 27-ci maddəsi “Mülkiyyət hüququ” adlanır. Orada qeyd olunur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bir də, o maddədə qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bax, bizim qəbul edəcəyimiz qanunun canı Konstitusiyanın bu tələbinin düzgün, ədalətli həll olunmasıdır.
Birinci məsələ. Eldar müəllim sağ olsun, sözün doğrusu, gözləmirdim ki, o, qəbul oluna bilər. Torpağı alan orqan bununla əlaqədar olaraq məhkəməyə müraciət edir. Bundan öncə biz Mülki Məcəlləyə dəyişiklik elədik və Konstitusiyaya zidd olaraq ora belə bir müddəa saldıq ki, vətəndaşın torpağı məhkəmənin qərarı olmadan hər hansı bir dövlət orqanının qərarı ilə əlindən alınır və vətəndaşa deyilir ki, narazısansa, get, məhkəməyə müraciət elə. Tutaq ki, vətəndaş da müraciət eləmir. Belə çıxır ki, vətəndaşın əmlakı onun iradəsinə zidd olaraq məhkəmə qərarı olmadan həmin dövlət orqanının qərarı ilə əlindən alınır və o, mülkiyyətindən məhrum edilir. Mən ona görə minnətdaram ki, nəhayət, o məsələ qanunvericilik qaydasında öz həllini tapır. Amma bundan əvvəl qəbul etdiyimiz qanunlara da yenidən baxmalıyıq,  müvafiq qanunlara etdiyimiz həmin düzəlişləri yenidən ləğv eləməliyik.
İkinci bir məsələ də çox önəmlidir. Bu, ədalətli qiymətin ödənilməsi ilə bağlıdır. Birinci 56.1.5-ci maddəyə baxaq: “Mövcud olduqda alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi zamanı həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə alınma nəticəsində dəyən və dəyə biləcək zərər”. Yəni bu zərər vətəndaşa kompensasiya formasında ödənilməlidir. Bu zərər necə müəyyənləşdiriləcək? Bu, qanunla müəyyən olunmur. Misal üçün, kiminsə villası, 4 sot da həyətyanı torpağı var. O villanı dəyərə mindirən həmin o torpaqdır. Amma torpağın hamısı onun əlindən alınmır. Ona deyirlər ki, misal üçün, sənin 300 kvadratmetr torpağını alırıq. Axı, torpaq alınandan sonra əmlakın qiyməti dəyərindən bəlkə də 10 qat aşağı düşür. Onu dəyərə mindirən elə o həyətyanı torpağının olması idi. Belə olan halda vətəndaşa nə qədər ziyan dəyir? Bu necə müəyyənləşdiriləcək? Mübahisələr yaranmasın deyə, bu məsələlər birbaşa qanunvericilik qaydasında öz həllini tapmalıdır.
58-ci maddə “Bazar qiyməti” adlanır. 58.2-də görün nə yazılıb: “Torpağın bazar qiyməti torpağın siyahıyaalma tarixindən əvvəlki 3 ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilmiş 3 ən yüksək qiymət göstəricisinin orta qiyməti əsasında müəyyən edilir”. Bunu hörmətli Eldar müəllim də, burada əyləşən millət vəkilləri də yaxşı bilir, Azərbaycanda hələ o mədəniyyət formalaşmayıb ki, insanlar aldıqları əmlakın qiymətini notariat qaydada olduğu kimi göstərsinlər. Real olaraq 1 milyon manat pul ödəyir, amma onu 200 minə rəsmiləşdirir. Yaxud 200 minə alır, 50 minə rəsmiləşdirir. Hamımız bilirik ki, bu belədir. İndi bunun bazar qiymətini necə müəyyənləşdirəcəyik? Notariusdan üç qiymət göstəricisini götürəcəyik və deyəcəyik ki, sənin əmlakının qiyməti bu qədərdir və bu, ədalətli bazar qiymətidir? Mən hesab edirəm ki, bu normanın tətbiqi çox böyük ədalətsizlikdir. Deyə bilərlər ki, yaxşı, onda nə təklif edirsiniz, ədalətli bazar qiymətini necə müəyyənləşdirək? 
Sədrlik edən. Bir dəqiqə verin.
Q.Həsənquliyev.  Çox sağ olun, Oqtay müəllim. Mən vaxtilə bu məsələdə komissiyanın yaradılmasını Milli Məclisdə səsləndirmişdim, indi o məsələ gündəmə gələ bilər. Başqa bir məsələ də ondan ibarətdir ki, bu, vətəndaşa verilən pay torpağı ola bilər. Hələ torpağın alğı-satqısı da olmayıb. Onda bazar qiyməti necə müəyyənləşdiriləcək? Müvafiq komissiyanın yaradılması ilə bu problemi həll eləmək mümkündür. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Həqiqətən, bu, hesab edirəm ki, Milli Məclisdə müzakirə olunan ən təkmil qanunlardan biridir. Hiss olunur ki, üzərində ciddi şəkildə işlənilib və bir çox məsələlərə aydınlıq gətirilməyə çalışılıb. Bilirsiniz ki, hər gün praktikada bu məsələlərə rast gəlirik. Mənim də çıxış eləməyimə əsas səbəb son günlər, konkret dünən, Bakının mərkəzində “Xutor” qəsəbəsində yaranan problemdir. Orada, əsasən, Ermənistandan didərgin düşmüş qaçqın əhali məskunlaşıb. Burada ciddi hüquqi problemlər yaranıb. Müəyyən olunub ki, evlər alınıb, ya dəyişdirilib, lakin torpaq üzərində mülkiyyət hüququ əldə olunmayıb. Torpaq konkret halda bələdiyyənin mülkiyyəti hesab olunur. İndi orada, həqiqətən, şəhər üçün vacib olan infrastruktur layihələri planlaşdırılır, o cümlədən Azadlıq prospektinə paralel olan bir küçənin çəkilməsi məsələsi gündəmdədir. Orada başqa tikintilər də gedir və ola bilsin ki, bu layihənin həyata keçirilməsi ilə bağlı məsələ sürətlənsin. Lakin komissiya-filan olmadan xalq arasında işlədilən “erməni qəbiristanlığı” deyilən yerdə keyfiyyətsiz şəkildə tikilmiş binalara əhalinin köçürülməsi kimi təhlükənin yaranması gündəmdədir.
Bir daha təkrar edirəm, əhalinin bəzisində evə, tikililərə mülkiyyət hüququ verən sənəd var, qanuniləşib, lakin torpağın özünə mülkiyyət hüququ yoxdur. Bu çox ciddi bir məsələdir. Mənim fikrimcə, bu məsələlərə toxunulub. Anlayışlarda da “tikintilər”, “qurğular” və sair ifadələr verilib. Lakin qanunun ən zəif tərəfi, mənim fikrimcə, bununla bağlıdır. Təsadüfi deyil ki, Mülkiyyətin özgəninkiləşdirilməsi haqqında qanun qəbul edilməlidir. Bu, əvvəldən qəbul edilsəydi, bu problemlər xeyli dərəcədə həll olunmuş olardı.
İkinci bir məsələ. Əlbəttə, çox mütərəqqi haldır ki, mübahisə yaranarsa, yaxud sahibkarla razılaşma əldə olunmasa, alan orqanın özünün məhkəməyə müraciət etmək norması müəyyənləşib. Bu çox mütərəqqidir, amma bu da havadan asılı qalıb. Çünki hörmətli Eldar müəllim dedi, 52-ci maddə əsas etibarilə Konstitusiyanın 29-cu maddəsinin tələbinin bir növ təsbiti ilə bağlıdır. Lakin o maddə, əslində, təsdiqlə bağlıdır. Artıq həyata keçirilmiş, başa çatdırılmış bir prosesin məhkəmə qaydasında dövlətə sahiblik hüququ verən sonuncu mərhələsinin təsbit olunması ilə bağlıdır. Lakin 4-cü maddədə yazılır ki, mülkiyyət sahibi razı olmadıqda məsələ məhkəmə qaydasında həll oluna bilər. Bu maddə də havadan asılı qalır. Doğrudur, 52-ci maddənin  özündə ümumi müddəa var ki, məhkəmə alınan torpağa sahibliyi, bu qanunun tələblərinə uyğun əldə olunmasını təsdiq edir. Amma 3-cü maddədə sahibliyin əldə olunmasının  bu qanunun 3-cü maddəsinə uyğun olub-olmaması konkret göstərilib. 4-cü maddədə göstərilsə idi, hesab edirəm ki, bu, ciddi irəliləyiş olardı.
Mənim fikrimcə, qanunun həyata keçirilməsi praktikasında, şübhəsiz ki, müəyyən  məsələlər meydana çıxacaq. Təbii ki, qanun təkcə Bakı şəhərini əhatə eləmir, burada hərbi xarakterli, təhlükəsizliklə bağlı olan ciddi məsələlər var və bu, iri, dövlət əhəmiyyətli infrastruktur layihələrinin əhatə elədiyi geniş torpaq sahələrinə də aid edilir. Ona görə də biz bunu şəhərdən çıxış eləyərək dəyərləndirə bilmərik. Mən bununla razıyam, amma biz bu məsələdə vətəndaşların maraq və mənafelərinə toxunan ən çoxsaylı hadisələri iri şəhərlərdə, konkret olaraq, Bakı şəhərində müşahidə edirik. Ona görə mən də komitəyə birinci dəfədir təşəkkür edirəm ki, çox mükəmməl bir iş görülmüşdür. Hər halda vaxt var, üçüncü oxunuş olmayacaqsa, bir daha o deyilən məsələlərə qayıdıb müəyyən düzəlişlər edilsə, həqiqətən, mükəmməl bir qanunun qəbul edilməsi barədə ürək açıqlığı ilə fikir söyləyə bilərik. Mən, təbii ki, bu qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Layihənin müsbət cəhətlərindən danışıb vaxtınızı almaq istəmirəm, ancaq onun təkmilləşməsi istiqamətində müəyyən fikirlər söyləmək istəyirəm. Birincisi, layihənin 1-ci maddəsində “alınma” anlayışı verilir. Hesab edirəm ki, bu anlayışda çatışmazlığa  yol verilir. Belə ki, “alınma” anlayışına nəinki torpaq sahəsi, həmçinin alınan torpaq üzərindəki torpaqla möhkəm bağlı olan binalar, yaşayış evləri və sair tikililər də aiddir. Ona görə də bu maddəyə mötərizədə göstərilmiş “onun müəyyən hissəsi” sözlərindən sonra “torpaqla möhkəm bağlı olan tikililər” sözləri də əlavə edilməlidir.
İkincisi, layihənin 75-ci maddəsi “Şikayətin verilməsi” adlanır. Ancaq məzmunda şikayətlərin baxılması, təşkili, komitələrin səlahiyyətləri, şikayətlərin köçürülmə komitələri və nəzarət orqanlarına göndərilməsi və sair məsələlər də nəzərdə tutulmuşdur. Ona görə hesab edirəm ki, maddənin adı məzmununa uyğunlaşdırılmalıdır.
Üçüncü, ümumiyyətlə, bu fəsil “Mübahisələrin həlli” adlanır. Ancaq bu fəsildə mübahisələrin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmamışdır. Düzdür, ondan yuxarıdakı 74-cü maddədə göstərilir ki,  kompensasiyanın ödənişinin yubadılması hallarında məhkəməyə müraciət etmək olar. Hesab edirəm ki, bu çatışmazlığı aradan qaldırmaqdan ötrü 75-ci maddəyə aşağıdakı məzmunda 75.9-cu bənd əlavə edilməlidir: Nəzarət orqanının qərarı ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Mən Aynur xanımdan sonra idim, təsadüfən materialları yığanda adım pozuldu, xahiş edirəm, bərpa olunsun.
Sədrlik edən. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Birinci oxunuşdan sonra, doğrudan da, Eldar müəllimin komitəsi qanun layihəsinin üzərində gözəl işləyib və nöqsanları nəzərə alıb. İkinci oxunuş olduğu üçün bir sıra maddələrə fikrimi bildirmək istəyirəm. Birincisi, 3-cü maddədə dövlət əhəmiyyətli kommunikasiya xətləri deyəndə burada  magistral neft və qaz boru kəmərləri nəzərdə tutulur. Mən təklif edərdim ki, su boru kəmərləri də ora əlavə olunsun, çünki texniki qurğular onu tamamilə əhatə etmir. Mən hesab edirəm ki, su boru kəmərləri də bu qanunda öz əksini tapmalıdır.
Qanunun 7.3.1-ci maddəsində icarədə olan torpaqlarla əlaqədar məsələ var. İcarədə olan torpaqların da iki hissəsi var. Ola bilər ki, kimsə bu gün 100 hektara yaxın torpağı icarəyə götürüb, amma ondan istifadə eləmir. Yəni 10 il müddət keçib, amma torpaqdan istifadə olunmur. Amma elə insan da var ki, torpağı icarəyə götürüb, ondan istifadə edir. Ona görə bunları bir-birindən ayırmaq lazımdır. Belə hallar Azərbaycanın rayonlarında həddən artıq çoxdur. Əgər icarəyə götürülən torpaq istifadə olunmayıbsa, onu dövlət ehtiyacı üçün götürmək lazımdır. Qiymətinin ödənilməsinə də fikir vermək lazımdır, çünki orada o qədər xərc çəkilməyib.
7.3.5-ci maddədə “yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər” verilib. Biz bilirik ki, bələdiyyələr yaranandan sonra istər Bakı şəhərində, istərsə də Azərbaycanın rayonlarında insanlara torpaq sahələri verilib və onlar orada evlər tikiblər, amma faktiki olaraq kupçalarını ala bilməyiblər. Belə hallar Bakıda da, Azərbaycanın digər rayonlarında da var. Bu insanları, hüquqları olmayan şəxsləri bura daxil etməmək böyük narazılığa səbəb olacaq. Onlara yalnız əmlakın daşınması ilə əlaqədar yardım göstərilir. Bunlar da bizim vətəndaşlarımızdır, ehtiyac içində qalıb o evləri tikiblər, o torpağı alıblar. Sabah dövlət həmin torpaqları almalı olsa, onlara mütləq yardım göstərməyi nəzərə almaq lazımdır. Hesab edirəm ki, 7.3.5-ci maddə qanun layihəsindən çıxarılmalıdır, həmin insanlar da torpaqları alınan şəxslər siyahısına daxil edilməlidir.
Burada, 16-cı maddədə göstərilir ki, nəzarət orqanı, sonra, alan orqan, qiymətləndirmə orqanı, torpağın alınması üçün qruplar və sair yaradılır. Ümumiyyətlə, çoxlu təşkilatlar yaradılır. Alan və satan tərəf var. Yaxşı olardı ki, fiziki şəxslə hüquqi şəxs arasında bu məsələlər birbaşa həll oluna idi. Bu orqanların çoxluğu daha çox narahatçılıq yarada biləcək. Ümumiyyətlə, nəzarət formasının özü də absurddur, çünki ictimai iclasları keçirən şəxs var, o buna məsuliyyət daşıyır. Amma 16.2-ci maddədə göstərildiyi kimi, nəzarət orqanının ona müdaxilə etməsinə heç bir ehtiyac yoxdur, çünki həmin protokollar sonda nəzarət orqanında verilir və nəzarət orqanı yoxlayır.
19.3-cü maddədə qeyd olunur ki, həmin orqan üzvlərinin sayının 20-dən az olmaması şərti ilə yarısı icra hakimiyyəti orqanları tərəfindən, yarısı isə qiymətləndirici komissiya tərəfindən təsdiq olunur. Amma torpağı satan tərəf var, əsas onun mənafeyini müdafiə etmək lazımdır. Mənə elə gəlir ki, komissiyada onun da iştirakını təmin etmək lazımdır. 20 nəfər olmasın, 21 olsun. Burada qeyri-adi heç bir şey yoxdur, çünki qiymətləndirmə məsələsində satan tərəfin və torpağı alan insanın mövqeyi, mənafeyi olmalıdır.
20-ci maddədə “torpağın alınması barədə qərarın qəbul edildiyi tarix” verilib. Yəni burada yazılır ki, qərar qəbul edildiyi tarixdən həmin torpaq alınan torpaq kimi tanınır. Amma digər maddədə göstəririk ki, torpağın alınmasından sonra 90 gün müddətində onun qiyməti ödənilir. Yəni 90 gün müddətində bu, alınan torpaq sayıla bilməz.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Qanun layihəsi birinci oxunuşda müzakirə edilərkən təkliflərimizi, iradlarımızı bildirmişdik və Aqrar siyasət komitəsi də birinci oxunuşun prinsipinə uyğun olaraq verilən təkliflərin hamısını nəzərə almış və onları qara şriftlərlə qanunda göstərmişdir. Bizim heç bir etirazımız və narazılığımız yoxdur, tamamilə razıyıq.
Hörmətli Sədr, ikinci oxunuşun tələblərinə uyğun olaraq ayrı-ayrı maddələr üzrə mənim də fikirlərim var idi. 83 maddədən 17-sinə mən fikirlərimi bildirmişəm. Lakin bu o demək deyil ki, 17 maddə barədə bildiklərimi plenar iclasda deyim. Onu rəsmi surətdə hörmətli Eldar müəllimə təqdim elədim, nə məsləhətdirsə, yəqin ki, Aqrar siyasət komitəsi onu nəzərə alacaqdır. Amma elə məsələlər var ki, onlar deyilməlidir. Burada deyildi, “ağlabatan” anlayışı mütləq layihədən çıxarılmalıdır, çünki demək olmaz ki, bizim ölkəmizdəki 8 milyonun hamısının ağlı eynidir. Bu kimin ağlı ilə göstəriləcək? Belə şeylər çıxarılmalıdır.
Sonra, 1.1.8-ci maddə burada yoxdur. 1.1.7-ci maddədən sonra 1.1.9-cu maddə gəlir. Bilmirəm, bəlkə mexaniki səhvdir, yaxşı olardı ki, o müəyyənləşdirilərdi.
1.1.3-cü maddədə “tikili” anlayışının izahatı verilir. Oxuyub vaxtınızı almaq istəmirəm, sonra göstərilir ki, “bütün əmlak”. Tikilidən söhbət gedirsə, onun daşınmaz əmlakı, həyətində avtomaşını və sair var. Əlbəttə, bu, “ bütün əmlak” olanda bunlar bir-birinə ziddiyyət təşkil edir. Mən bunları rəsmi surətdə vermişəm, yaxşı olardı ki, hörmətli Eldar müəllim bu məsələlərin bəzilərinə diqqət yetirsin.
Burada, 58-ci maddədə “Bazar qiyməti” barədə çox gözəl bir fikir söylənildi. 90 gün müddətini də Vahid müəllim dedi. Ümumiyyətlə, əmlakın bazar dəyəri nəinki 90 gün ərzində, həftədə bir dəfə arta və azala bilər. Ona görə də o müddətin 90 gün qoyulması və qabaqcadan sənədləşdirilməsi torpaq və əmlak sahibləri üçün düzgün olmazdı. O müddət azaldılmalıdır. Bir az operativliyə yol verilməlidir, çünki əmlak sahibi gərək öz əmlakının dəyəri məbləğində haqqını alsın. Ümumiyyətlə, əmlakın dəyərinin dünya təcrübəsində üç mövcud metodikası var. Gəlirlərin kapitallaşdırılması, məsrəf metodu, bir də, satılan əmlakın dəyərinin müqayisə forması. Qüdrət müəllim də dedi, mən hesab edirəm ki, burada bu analoqlar olmaya bilər. Yəni müqayisə üçün bir əmlak götürülə bilməz. Dünya təcrübəsində belədir. Ən azı üç əmlak olmalıdır ki, onun qiymətini müqayisə edək və ona oxşar bir qiymət verək. Buna görə də hesab edirəm ki, qanunda bu kimi əsas müddəaların düzəldilməsinə böyük ehtiyac vardır. Yenə də təkrar edirəm ki, mən 17 maddə üzrə təkliflərimi hörmətli Eldar müəllimə rəsmi şəkildə vermişəm. Komitənin öz ixtiyarındadır, özü baxacaqdır. Mən sizin vaxtınızı çox almaq istəmirəm. Mənim verdiyim təkliflər də nəzərə alınarsa, hesab edirəm ki, qanun layihəsini ikinci oxunuşda qəbul etmək olar. Mən bu qanuna səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.  
R.Cəbrayılov.  Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu, Azərbaycanda infrastrukturun yenilənməsi, Azərbaycan iqtisadiyyatının güclənməsi baxımından çox maraqlı və vacib bir qanun layihəsidir. Mən ilk növbədə hörmətli Eldar müəllimə və bu layihə üzərində işləyən şəxslərə öz dərin təşəkkürümü bildirirəm ki, həmkarlarımızın birinci oxunuşda verdikləri təkliflər çox diqqətlə nəzərə alınıb. Bu layihə ilə bağlı mənim deyəcəklərim fikirlərin və təkliflərin bir hissəsini məndən əvvəl çıxış edən hörmətli həmkarlarım dedilər. Ona görə mən bəzi təkliflərimin üzərində dayanmaq istəyirəm. Birinci təklifim layihənin 5-ci maddəsi ilə bağlıdır. Mən düşünürəm ki, 5.1-ci maddəni bu şəkildə uzun-uzadı yazmaqdansa, çox qısa və hüquqi dildə yazmaq daha yaxşı olardı. Yazmaq olardı ki, mülkiyyət formasından asılı olmayaraq, aşağıdakı torpaqlar dövlət ehtiyacları üçün alınır.
İkinci təklifim layihənin 29-cu maddəsi ilə bağlıdır. Burada söhbət məhkəməyə müraciətdən gedir. Torpaq alan orqan və ya qrupun üzvünün torpaq  sahəsinə daxil olduğu gündən torpaq sahibinin 90 gün müddətində məhkəməyə müraciət etmək hüququ təsbit olunub. Mən düşünürəm ki, burada da bir az hüquqi dəqiqləşməyə yol versəydik, daha yaxşı olardı, çünki məhkəməyə müraciət etmə faktının özünün bu prosedura təsiri maddədə əksini tapmayıb. Mülki hüququn konkret normalarına müraciət etməklə bu maddəni daha da dəqiqləşdirmək olardı, çünki söhbət məhkəməyə müraciətdən və konkret torpaq faktı üzrə mübahisənin yaranmasından və onun mülki-hüquqi müstəvidə həllindən gedir.
Mənim növbəti təklifim 49-cu maddə ilə bağlıdır. Burada da söhbət icarə müqaviləsi əsasında dövlət və bələdiyyə torpaqlarının  dövlət ehtiyacları üçün alınmasından gedir. Təsəvvür edək ki, konkret dövlət və ya bələdiyyə torpağı icarə müqaviləsi üzrə hüquqi və ya fiziki şəxsə icarəyə verilib və dövlət də bu icarədə olan torpağın bir hissəsini almaq üçün konkret prosedurlara başlayıb. Bilirik ki, birtərəfli qaydada icarə müqaviləsi yalnız məhkəmə tərəfindən pozulur və dövlətin bu torpaqları dövlət ehtiyacları üçün alması faktının özü tərəflərin özünü yeni bir vəziyyətə salır və bunların yeni hüquq və vəzifələri meydana çıxır. Çünki burada artıq icarəçi üçün həmin torpaq sahəsi ona sərf etməyə bilər. Torpaq sahibinin o alınmayan hissəni icarəyə verməsi baxımından tamamilə yeni bir vəziyyət yaranır. Ona görə təklif edərdim ki, bu maddənin mətni hazırlananda icarəyə verilmiş dövlət və bələdiyyə torpaqlarının bir hissəsi alınanda həmin icarə müqaviləsinin sonrakı taleyi ilə bağlı mülki-hüquq normalarına istinad olunsun. Qeyd elədiyim kimi, bu layihə bütövlükdə Azərbaycan iqtisadiyyatının yenilənməsinə, infrastrukturun təzələnməsinə xidmət edir. Mən təklif edirəm ki, bu layihəyə səs verək,  qəbul olunsun. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Sual yox, sadəcə, bir məsələyə çox lakonik münasibət bildirəcəyəm. Sadəcə, Eldar müəllimdən bir xahişim var. Təklifim “Dövlət ehtiyacları” adlı 3-cü maddə ilə bağlıdır. 3.1.1-ci maddəyə Vahid müəllim də öz fikrini bildirdi, amma mən məsələyə daha geniş yanaşmaq istəyirəm. Eldar müəllim, mən təklif edirəm, “dövlət əhəmiyyətli” sözlərindən sonra “yollar, yol qurğuları və limanlar” sözləri bura əlavə edilsin.
Sonra, kommunikasiya xətlərinin anlayışına açıqlama verilən yerdə “neft, qaz, su boru kəmərləri” sözlərinin əlavə edilməsini daha məqsədəuyğun hesab edirəm. Çünki respublikamızda gedən uğurlu islahatlar nəticəsində limanların tikilməsi, su kəmərlərinin  çəkilməsi artıq həyata keçirilib. Mən də qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yazılan millət vəkillərindən çıxış üçün təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aynur Quliyeva buyursun.
A.Quliyeva. Hörmətli Sədr, şərait yaratdığınıza görə çox sağ olun. Layihənin birinci oxunuşda müzakirəsi zamanı səsləndirdiyimiz təklifləri dəyərləndirdiyinə və nəzərə aldığına görə mən də hörmətli Eldar müəllimə çox-çox təşəkkür edirəm. Oqtay müəllim, vaxtın azlığını nəzərə alıb, konkret olaraq bir neçə maddə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. 24-cü maddədə qiymətləndirmənin nəzarət orqanı tərəfindən yoxlanılması göstərilir. Çox vacib bir məsələdir. Burada qeyd olunur ki, dövlət orqanı qiymətləndirməni qəbul etməyə bilər. Yəni nəzarət orqanı tövsiyə olunan qiyməti artırıb-azalda bilər. Ancaq bu qiymət nəyin əsasında artırılacaq və yaxud azaldılacaq, bu göstərilmir. Mən hesab edirəm ki, bu, korrupsiya riski yarada bilər. Ona görə də bu məsələdə dəqiqləşdirilmə olmalıdır.
29-cu maddədə göstərilir ki, mülkiyyətçi alınmanın  nəticəsində hüququnun pozulduğu və yaxud pozulduğunu bilməli olduğu 90 gün müddətində məhkəməyə müraciət edə bilər. Mən başa düşə bilmirəm, burada “bilməli olduğu” nə deməkdir? Əgər mülkiyyətçi bilməyibsə, onda necə olacaq? Azərbaycanın reallığında bu məlumatı vaxtında ala bilməmək problemi mümkündür. Mən düşünürəm ki, bu, dövlət orqanına informasiyanı bilərəkdən gizli saxlamaq imkanı yarada bilər. Ona görə də “bilməli olduğu” ifadəsi qanun layihəsindən çıxarılsa, yaxşı olar, çünki təcrübədə belə şeylər yaşanıb.
37-ci maddədə mülkiyyətçiyə yaşayış yerini boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə kömək edilməsi qeyd olunur. Bu kömək nədən ibarət olacaq, hansı formada olacaq? Mənə elə gəlir, bu da aydınlaşdırılmalıdır, çünki köməklik və yardım qeyri-müəyyən sözlərdir.
73-cü maddə, hesab edirəm ki, çox əhəmiyyətlidir. Burada yanlış ödənişlərdən söhbət gedir və qeyd olunur ki, yanlış ödənişlər baş verdikdə, kompensasiya səhvən başqasına ödəndikdə torpağı alanın tələbi ilə vəsait geri qaytarılmalıdır. Həmin məbləğ əsl mülkiyyətçiyə ya 30 gün ərzində, ya da daha uzun müddətə ödənilə bilər. Məncə, bu müddət qanundan mütləq çıxarılmalıdır, çünki burada torpağın mülkiyyətçisi heç bir məsuliyyət daşımır. Alanın səhvi ucbatından mülkiyyətçi əziyyət çəkməməlidir, pulunu vaxtında almalıdır. Müddətin qeyri-müəyyənliyi problemi illərlə uzana bilər. Ona görə də bunun qarşısını indidən almaq lazımdır.
Maddə 74. − “Kompensasiyanın ödənilməsinin yubadılması”. Bu da klassik bir hüquq pozuntusu olduğuna görə diqqəti ona yönəltmək istəyirəm. Alanın maraqları naminə məhkəmə məsələni illərlə uzada bilər. Bir də, məhkəmələr daha çox məmurların xeyrinə qərar çıxarmağa meyilli olduğuna görə, hesab edirəm ki, bu da gözləniləndir. Məncə, qanunda yubadılmaya görə hər gün üçün konkret faizlə sanksiya müəyyən olunmalıdır. Bu, mülkiyyətçinin hüquqlarının pozulmasının qarşısını ala bilər.
Ümumiyyətlə, bir daha qeyd eləmək istəyirəm ki, bu qanun çox vacib, çox əhəmiyyətli və günümüzlə səsləşən, aktual bir qanundur. Yalnız bir məsələ xüsusi qeyd olunmalıdır ki, qanunda əksər müddəalar mülkiyyətçidən daha çox alanın maraqlarına xidmət edir. Bu məsələyə diqqət yetirmək lazımdır. Bir də, çox təəssüf ki, bəzi müddəalarda dəqiqlik və konkretlik əvəzinə “vicdanlı”, “ədalətli” və sair kimi ifadələrdən istifadə olunur. Bütün bunlar, məncə, bu cür ümumi ifadələrlə deyil, dəqiq və aydın qeyd olunmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, hər bir qanunda, o cümlədən də bu qanunda insan amili, insanın hüquqları önə çəkilməlidir və hər şey insan üçün olmalıdır. Mərhum Prezident Heydər Əliyevin bir fikrini xatırlatmaqla mən çıxışımı yekunlaşdırmaq istəyirəm: “Dünyada heç bir qanun insan həyatından daha önəmli deyil”. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, mənim də Sizə təkliflərim olub, təkrarlamaq istəmirəm. Qanun layihəsi çox yüksək səviyyədə hazırlanmışdır. Burada çox təkliflər oldu. Xahiş edirəm, üçüncü oxunuşa qədər onları da, mənim təkliflərimi də nəzərə alın. Əgər çatdıra bilsəniz, qanun layihəsini ilin axırına üçüncü oxunuşda qəbul edə bilərik. Yox, çatdıra bilməsəniz, qalar gələn sessiyaya.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılı təkliflərini yenə verə bilərlər. Hörmətli millət vəkilləri, ikinci oxunuşdur, qanun layihəsini fəsil-fəsil səsə qoyacağıq. Qanun layihəsi 10 fəsildən ibarətdir. Xahiş edirəm, qanunun preambulasına və I−III fəsillərinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr   (saat 17.36 dəq.)
Lehinə                                      102
Əleyhinə                                    0
Bitərəf                                        2
Səs verməd                             0
İştirak edir                               104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, IV−VI fəsillərə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr     (saat 17.37 dəq.)
Lehinə                                        101
Əleyhinə                                      0
Bitərəf                                          4
Səs verməd                               0
İştirak edir                                  105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, VII−X fəsillərə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr       (saat 17.37 dəq.)
Lehinə                                          101
Əleyhinə                                         1
Bitərəf                                             4
Səs verməd                                  0
İştirak edir                                    106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr     (saat 17.38 dəq.)
Lehinə                                         99
Əleyhinə                                       0
Bitərəf                                           3
Səs verməd                                1
İştirak edir                                  103
Nəticə: qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda bütövlükdə qəbul edildi.
Hörmətli millət vəkilləri, bugünkü iclasımıza başlayanda belə qərar verdik ki, Milli Məclis tərəfindən Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciət qəbul edək. Bizim tərəfimizdən səlahiyyətli nümayəndələr seçildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, bir dəqiqə diqqətli olaq. Əgər kimisə müraciət maraqlandırmırsa, o başqa söhbət. Buyurun, Musa Quliyev.
M.Quliyev. Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə Müraciəti.
Hörmətli həmkarlar,
Bu günlərdə ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul edilməsi barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki qanunsuz rejimin simasında separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində qonşu Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmış işğalın nəticələrini təsbit etmək üçün zəbt olunmuş ərazidə dünyanın heç bir dövləti tərəfindən tanınmayan oyuncaq rejim qurulmuşdur. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon müxtəlif beynəlxalq terror təşkilatlarının fəaliyyət zonasına çevrilmişdir.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə 1994-cü ildə Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmiş, Amerika Birləşmiş Ştatları,  Fransa Respublikası  və Rusiya Federasiyası Minsk qrupunun həmsədrləri təyin edilmişdir. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası müvafiq qətnamələr qəbul edərək, işğalçılıq və etnik təmizləmə siyasətini pisləmiş, zəbt olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb etmişlər.
Təəssüf ki, mötəbər beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin və qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.
Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, öz ərazisində xarici hərbi bazalar yerləşdirməsi, ordusunu ən müasir dağıdıcı hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır.
Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Məhz bütün bunlara görə, hörmətli həmkarlar, ABŞ Konqresinin separatçı rejimə maliyyə yardımı ayrılması qərarını biz həyəcan və təşviş hissi ilə qarşılayırıq. Mahiyyətcə o qədər də böyük olmayan bu maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun sırf humanitar yardım olmasında təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır. Madam ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ayrılan maliyyə vəsaiti də Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməli idi. Belə halda həmin vəsaitin sonrakı təyinatı göstərilə bilərdi. Bu cür yanaşma sülh danışıqları prosesinə də müsbət təsir göstərərdi.
Ayrılan maliyyə vəsaitinin hansı məqsədlərə yönəldilə biləcəyi başqa bir məsələdir. Amma bütün hallarda bu dəstək ona dəlalət edir ki, Ermənistan rəhbərliyi arxayınlaşaraq, münaqişənin həllini bir qədər də uzatmağa səy göstərəcək, danışıqlar prosesinə əngəllər törətməkdə davam edəcəkdir.
Bir məqam da təəccüb və təəssüf doğurur. Obama administrasiyası tərəfindən təqdim edilən 2010-cu ilin büdcə layihəsində Dağlıq Qarabağa yardım göstərilməsi nəzərdə tutulmamışdı. Belə bir vəsait ABŞ Senatının qəbul etdiyi layihədə də yox  idi. Həmin yardımla bağlı müddəalar ABŞ Nümayəndələr Palatasında fəaliyyət göstərən erməni lobbisinin səyləri nəticəsində qanun layihəsinin son variantına daxil edilmişdir. Bu isə onu sübut edir ki, müəyyən hallarda erməni lobbisi ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarları qəbul etdirmək iqtidarındadır. Doğrudur, bilirik ki, ABŞ Nümayəndələr Palatasında Azərbaycanın haqq işini dəstəkləyən konqresmenlər də vardır və biz  onlara minnətdarıq. 
Ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək, Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması səylərinə mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaqdır. 
Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın hər iki tərəfə nə qədər fayda gətirdiyini ötən illər göstərmişdir. Əməkdaşlıq etdiyimiz sahələr beynəlxalq terrorizmə qarşı mübarizədən başlamış Avropanın və dünyanın enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Amerika Birləşmiş Ştatları ilə bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Bu cür halların bir daha təkrarlanmaması arzumuzu ifadə edərək, əmin olduğumuzu bildiririk ki, daim rastlaşdığımız ikili standartların tətbiqi ikitərəfli münasibətlərimizə xələl gətirməyəcəkdir.  
Sədrlik edən. Mənə elə gəlir ki, bu müraciət çox təmkinli, çox ağılla və çox yerində hazırlanmış bir müraciətdir. Əlavə yoxdursa.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. İndi müraciəti müzakirə edəcəyik? Buyurun, Astan müəllim. 
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Tamamilə doğrudur, mükəmməl hazırlanmış bir müraciətdir. Amma Minsk qrupu  və həmsədrlər institutunun təsis olunma tarixi 1992-ci ildir, 1994-cü il deyil.  Burada 1994-cü il səsləndi. Mən onu demək istəyirdim
Sədrlik edən. Çox sağ olun. Yox, burada 1994-cü ildə yazılıb, yəni əvvəl Minsk qrupu kimi yox idi. Bu mexanizm 1994-cü ildə yaranıb. Buyurun, Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, Oqtay müəllim. Bunu bizim hüquqşünaslar da, yəqin, təsdiq edərlər, separatçı rejim məsələsi heç də bizdə olduğu kimi mənfi assosiasiya doğurmur. Bu, əslində, işğalçı bir qurumdur. Ona görə də orada tez-tez “separatçı rejim” ifadəsinin işlədilməsi bir növ onları  legitimləşdirmək xarakteri daşıya bilər. O baxımdan mən təklif edərdim ki, “separatçı rejim” sözləri başqa bir terminlə ifadə olunsun.
Sədrlik edən. Dünyada ən alçaldıcı ifadə “separatçı rejim”dir. Ona görə də biz o ifadəni işlədirik. Zahid Orucov, buyurun.
Z.Orucov. Təşəkkür edirəm. Kifayət qədər mükəmməl hazırlanıb. “Oyuncaq” ifadəsinin bəlkə ingilis versiyasını düşünüb yazıblar. Separatçılıq, işğalçı yazılıbsa, elə onlarla da ifadə etmək olardı. “Oyuncaq”  sözünü ciddi siyasi bir termin  kimi müraciətin mətninə salıb Konqresə göndərməyi məqbul saymıram.
İkinci,  ermənilər beynəlxalq aləmdə bir dili yamsılayırlar. Daha çox bu üsluba fikir verirlər ki, guya Azərbaycan hərbi təhdid dilində danışır, amandır, qoymayın, Qarabağa bizim artan hərbi imkanlarımız təhlükə törədir və sair. Biz bu mövqeni göstərməliyik ki, buyursunlar, biz Azərbaycan Konstitusiyasını, qanunlarını tanıyan ermənilərə Azərbaycan vətəndaşları olaraq bu bölgənin inkişafı naminə böyük maliyyə məsrəfləri ayırmağa hazırıq. İndi bir çoxları bu fikri qəbul  etməyəcəklər, amma mən beynəlxalq aləmə yönələn sənədlərdə bu mövqenin bir cümlə ilə də ifadə olunmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Zahid müəllim,  biz burada debata hazırlaşmırıq, müraciət qəbul edirik. Bizim müraciətin məğzi var, onu tutmaq lazımdır. Biz müharibədən danışmadıq ki?! Biz xarici ölkələrin bazası, silahı olan Ermənistan haqqında danışdıq. Biz öz müraciətimizi qəbul edirik. Burada mən nə isə əlavə etməyə ehtiyac görmürəm. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr       (saat 17.49 dəq.)
Lehinə                                          108
Əleyhinə                                        0
Bitərəf                                            0
Səs verməd                                 0
İştirak edir                                   108
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.

 

 

Edilməmiş çıxışın mətni

15 dekabr 2009-cu il

Cavid Qurbanov. Hörmətli Sədr, hörmətli həmkarlar! Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar və elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində əksər  sahələrdə dinamik inkişaf təmin edilmiş və qısa müddət ərzində çox böyük nailiyyətlər əldə edilmişdir. İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, Regionların inkişafı haqqında Dövlət Proqramının qəbul edilməsi və sair kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir.
Azərbaycan Respublikasında son 5 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektoru, xüsusən avtomobil nəqliyyatıdır. Başqa sözlə desək, avtomobil nəqliyyatının, yolların və yol ötürücülərinin sürətlə inkişaf etməsi ölkədə nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyət yüksəlişinə nail olmağa imkan verir. Eyni zamanda, nəqliyyat xidmətlərinin, yolların inkişafı isə sahibkarlıq, turizm və sair sahələrin dirçəlişinə təkan verir. Bu gün Azərbaycan Respublikasının ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq−Qərb, Şimal−Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun inkişafına ciddi təsir göstərməkdədir. Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Bütün bunlarla yanaşı, son illər regionlarda (Gəncə, Zaqatala, Lənkəran və sair) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik−Lənkəran, Şəmkir−Qazax, Xınalıq−İspik yollarının yenidən qurulması, Yardımlı, Daşkəsən, Quba, Ucar, Kürdəmir və sair rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir. Təbii ki, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verəcəkdir. Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: “Harada ki müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir”.  Təbii ki, yol olmadıqda və ya yararsız halda olduqda nəqliyyat vasitələri, normal nəqliyyat vasitələri olmadıqda isə yollar əhəmiyyətsiz olur.
Lakin avtomobil yollarının tikintisi layihəsi zamanı qarşıya çıxan ən böyük problemlərdən biri torpağın alınması məsələsi olur. Bunun üçün də, bildiyimiz kimi, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi artıq müzakirəyə təqdim edilmişdir. Qanun layihəsi parlamentə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuşdur. Ümumiyyətlə, dövlət və milli mənafelər nöqteyi-nəzərindən vacib olan bu sənəd konseptual baxımdan çox böyük əhəmiyyət kəsb edən məsələlər nəzərə alınmaqla tərtib olunmuşdur.
Qanun layihəsi 10 fəsil, 83 maddədən ibarətdir və Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın müəyyən edilməsi, ödənilməsi və digər məsələlərlə əlaqədar münasibətləri tənzimləyir. Qanuna uyğun olaraq, xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan torpaqlar üç məqsədlə − dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli − yolların və digər kommunikasiya xətlərinin) çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi üçün dövlət tərəfindən alına bilər. Dövlət bu qanunla nəzərdə tutulmuş qaydada öz ehtiyacları üçün tələb olunan hər hansı torpaq sahəsini məcburi qaydada ala bilər.
Layihədə torpaqların alınmasına nəzarət edən orqan və onun funksiyaları, torpaqların alınması haqqında rəsmi elanın verilməsi və orada əks olunan məlumatlar, torpaqların alınması təklifi ilə bağlı alan orqan tərəfindən ictimai iclasların keçirilməsi, onların məqsədi və orada müzakirə olunan məsələlərlə əlaqədar hesabatın hazırlanıb nəzarət orqanına təhvil verilməsi barədə maddələr öz əksini tapıb. Sənəddə həmçinin torpağın alınmasının məqsədləri, alınan torpağın qiymətləndirilməsi, qiymətləndirilmənin nəzarət orqanı tərəfindən yoxlanılması, alınmadan imtina, torpağın satın alınması təklifi və bununla bağlı danışıqlar, həmçinin sahibliyin əldə edilməsi, kompensasiyanın ödənilməsi ilə bağlı prosedur qaydalar və digər məsələlər geniş şəkildə əhatə olunub.
İlkin variantda layihədə qeyd olunurdu ki, qanunsuz zəbt olunmuş torpaqlar (mülkiyyət növündən asılı olmayaraq) dövlət ehtiyacı üçün alınanda onun üzərində tikilmiş obyektə görə sahibinə heç bir kompensasiya ödənilmir. Birinci oxunuşdan sonrakı düzəlişə görə isə əgər vətəndaş torpağı zəbt edib orada mülk tikibsə, həmin obyektin sahibinə kompensasiya veriləcək. Bu dəyişiklik həm əhalidə narazılıq yaranmaması, həm də insanların hüquqlarının pozulmaması üçün edilib.
Bütünlüklə qanun layihəsinin ölkə iqtisadiyyatının mühüm sektorlarının, ən əsası da nəqliyyat sektorunun inkişafında vacib rol oynadığını nəzərə alaraq həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm.

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU