23.02.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 135
Mill Məclisin iclas salonu.
23 fevral 2010-cu il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
R. Həşimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
H. Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
R. Osmanlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
İ. Kərimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
S. Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ş. Məhərrəmov, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələr Assosiasiyasının sədri.
Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələr Assosiasiyasının sədri.
* * *
H. Qədirova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AIDS Mərkəzinin direktoru.
E. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
2. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenkonun Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
4. Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.
7. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
8. İnsanın immunçatışmazlığı virusunun törətdiy xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).
2. “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenkonun Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
7. İnsanın immunçatışmazlığı virusunun törətdiy xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəs (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
23 fevral 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz.
Hörmətli deputatlar, 3 gün sonra artıq insanlığa qarşı cinayət kimi qəbul edilmiş Xocalı faciəsinin 18-ci ildönümü tamam olacaqdır. Bununla əlaqədar xahiş edirəm, faciə zamanı həlak olmuş Xocalı şəhidlərinin və qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah şəhidlərimizə rəhmət eləsin.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 96
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Gündəliyimizdə ikinci məsələ 2009-cu il 18 mart tarixli referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərlə əlaqədar olaraq müvafiq qanuna dəyişiklik edilməsi barədədir. Mən təklif edərdim ki, hər dəfə bu məsələləri gündəliyə çıxarmamaq üçün dəyişikliklərin hamısını qruplaşdıraq və onlara gələn iclasların birində baxaq. Etirazınız yoxdur? Onda xahiş edirəm, bu təklif nəzərə alınmaqla gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Sağ olun. Gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var, yəqin. Xahiş edirəm, yazılasınız. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, Müdafiə Nazirliyinin rəsmi məlumatında da bildirildiyi kimi, cəbhə zonasında yerləşən 190 saylı hərbi hissənin əsgəri, Masallı rayonundan hərbi xidmətə çağırılmış Röyal Fərəcov bu il fevral ayının 17-də ermənilərlə atışma zamanı şəhid olmuşdur. Mən Masallıda şəhidin yas mərasimində iştirak etdiyim zaman onun ailə üzvləri ilə də görüşdüm və şəhid Röyal Fərəcovun həyat yoldaşının körpə uşaqla tam yararsız, bərbad evdə yaşadığının şahidi oldum.
Hazırda Masallı rayonunda şəhid ailələri üçün dövlət büdcəsinin hesabına tikilmiş yaşayış binası təhvil verilib. Xahiş edirəm, aidiyyəti üzrə müvafiq dövlət orqanlarından şəhid Röyal Fərəcovun ailəsinə həmin binadan mənzil verilməsinə köməklik göstərəsiniz. Cənab Sədr, mən o ailənin acınacaqlı və dözülməz vəziyyətdə yaşadığını gördüyüm üçün bu müraciəti edirəm. Düzdür, şəhid ailəsi də gərək növbədə olsun. Amma qarşıdan əziz Novruz bayramı gəlir. Bayram mərhumun qırxı ərəfəsinə düşəcək. Mən körpə uşaqla dözülməz vəziyyətdə yaşayan şəhid ailəsinə ev verilməsini artıq dərəcədə xahiş edirəm. Sağ olun.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən seçicilərimin xahişi ilə iki məsələ haqqında danışmaq istəyirəm. Təmsil etdiyim rayonda Azərsuna məxsus şəkər zavodunun regionun ekologiyasına vurduğu ziyanı sübut etməyə, hesab edirəm ki, ehtiyac yoxdur. İctimaiyyətin təzyiqi ilə təxminən iki il bundan əvvəl zavodda su hövzələrinə buraxılan tullantı sular üçün təmizləyici qurğular qurulsa da, zavodun həyətində tikilən əhəng zavodundan gecə saat 2–3-dən sonra havaya buraxılan və insanların nəfəs almasını çətinləşdirən zəhərli qazların orqanizmdə yaratdığı ağır nəticələri, yəqin ki, yerli əhali bir müddət hiss edəcəkdir. Təsadüfi deyil ki, mütəxəssislər regionda vərəm xəstəliyinin sürətlə yayılmasını həm də bu səbəblə əlaqələndirirlər. Ancaq bütün bu fəsadlara baxmayaraq, vaxtilə rayonda şəkər zavodu tikiləndə yerli əhali onu sevinclə qarşıladı, çünki bu zavod uzun müddət işsiz qalmış bir çox insanlar üçün daimi iş yerinə çevrildi. İndi zavodda bu insanları kütləvi şəkildə işdən azad etmək kampaniyasına başlanılmışdır. Təxminən 20 gün bundan əvvəl birdən-birə 70 nəfər adam işdən çıxarılmışdır. Bu qədər insanın birdən-birə işdən çıxarılması böhran və onun nəticəsi olan ixtisarla əlaqədar olsaydı, bəlkə də bunu başa düşmək olardı. Ancaq ən qəribəsi budur ki, yerli əhalidən olan işçilər işdən çıxarılır və bura başqa rayondan işçilər cəlb edilirlər. Bunun səbəbi nədir? Mən istərdim, seçicilərimin arzusuna uyğun olaraq Azərsunun rəhbərliyi buna aydınlıq gətirsin.
İkinci məsələ, quş qripi təhlükəsi ilə əlaqədar olaraq 2005-ci ildən bəri Azərbaycanda quş ovuna qadağa qoyulmuşdur. Hər il ölkənin baytarlıq xidməti Azərbaycanda quş qripinin olmaması haqqında məlumat versə də, bu qadağa aradan qaldırılmır. Mən bu gün quş ovuna qoyulan qadağanı aradan qaldırmaq təşəbbüsü ilə çıxış etmək fikrindən uzağam və hesab edirəm ki, bu məqsədlə yaradılmış dövlət komissiyası nə vaxtsa bu məsələyə baxacaq və nəhayət ki, Azərbaycanda da quş ehtiyatlarından istifadə etməyə imkan verəcəkdir. Məni ən çox maraqlandıran bu qadağanın ancaq sadə insanlara tətbiq edilməsidir. Öz müşahidəmə əsasən deyə bilərəm ki, Azərbaycanda yaşayan əcnəbilər, paytaxtın varlı sakinləri hətta motorlu katerlərdən istifadə eləməklə hər gün bizim rayonun su hövzələrində iki minə qədər güllə atırlar. Lakin ovçuluq lisenziyası olan adi insanların adi bir quş vurması, ya onun lisenziyasının alınması ilə, ya da tüfənginin müsadirə olunması ilə nəticələnir. Sual olunur, nəyə görə qadağadan irəli gələn cəza tədbirləri dolana bilməyən və quş ovuna ancaq öz ailəsini saxlamaq üçün çıxan sadə insanlara qarşı tətbiq olunur, ancaq əcnəbilərə və paytaxtın varlı sakinlərinə münasibətdə tamamilə başqa münasibət sərgilənir, onlara əlavə şərait yaradılır? Mən istərdim ki...
Sədrlik edən. Mənim bir sualım var. Siz özünüz bir millət vəkili kimi Azərsuna məktubla müraciət eləmisiniz, ya bunu birinci dəfə deyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müraciət eləmisiniz. Oldu. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Xocalı faciəsi bizim hamımızın qəlbində bir yaradır və mən Sizə, cənab Sədr, öz adımdan təşəkkürümü bildirirəm ki, iclasın açılışında belə bir tarixi hadisəni qeyd etdiniz. Cənab Sədr, mən Sizin xeyir-duanızla respublikadan kənarda, xüsusilə Rusiyada, Belarusda, Moldovada «Ð¢Ñ€Ð¸Ð±ÑƒÐ½Ð°», «Ð¡ÐµÐ»ÑŒÑÐºÐ°Ñ Ð¶Ð¸Ð·Ð½ÑŒ» qəzetlərində və digər mətbuat orqanlarında Azərbaycanın tarixi faciələri barədə çıxışlar etdim. Mən orada bir daha hiss elədim ki, Azərbaycandan kənarda da Azərbaycanın başına gələn hadisələr, deportasiyalar, 20 yanvar hadisəsi və Xocalı faciəsi istər diaspor xətti ilə, istərsə də o ölkələrdəki səfirliklərimiz xətti ilə ictimaiyyətin diqqətinə çatdırılır və ciddi işlər görülür ki, ermənilərin Azərbaycana qarşı təcavüzü bütün dünya ictimaiyyətinə çatdırılsın.
Amma eyni zamanda, mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu gün Biləsuvar rayonunda hesabat-seçki yığıncağıdır, rayonun illik hesabatıdır. Siz burada olmadığınız dövrdə mən Milli Məclisin rəhbərliyinə, Ümumi şöbəyə müraciət etdim və belə cavab aldım ki, bu gün burada Konstitusiya qanunları müzakirə olunur, kvorum olmalıdır, orada iştirak etməmək də olar. Ona görə mən seçicilərimdən üzr istəyirəm ki...
Sədrlik edən. Aydındır, sağ olun. Musa Quliyev.
M. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ötən əsrdə ermənilərin təhriki ilə həm çar Rusiyası, həm də sovet hökuməti tərəfindən xalqımıza qarşı bir neçə dəfə etnik təmizləmə və deportasiya aktları törədilmişdir. Bu siyasət nəticəsində indi Ermənistan adlanan ərazidə yaşayan milyonlarla soydaşımız tarixi etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları ilə 1948–1953-cü illərdə Ermənistan SSR-dən 150 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından zorakılıqla sürgün olunmuşdur. Bu deportasiya zamanı tətbiq edilən repressiya rejiminə, ağır köçürülmə şəraitinə və kəskin iqlim dəyişikliyinə, mənəvi və fiziki sarsıntılara dözməyərək minlərlə insan dünyasını dəyişmişdir.
Deportasiyanın hərtərəfli tədqiq edilməsi, xalqımıza qarşı törədilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 oktyabr tarixli fərmanı ilə dövlət komissiyası yaradılmışdır. Ötən müddət ərzində 1948–1953-cü illərdə deportasiyanın tədqiqi sahəsində müəyyən işlər görülsə də, təəssüf ki, bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməmişdir. Təklif edirəm ki, Milli Məclisin növbəti iclaslarının birində azərbaycanlıların 1948–1953-cü illərdə sovet hökumətinin qərarı ilə Ermənistan SSR-dən zorla köçürülməsi məsələsi ətraflı müzakirə edilsin, bu tarixi cinayət Milli Məclisin qərarı ilə repressiya və deportasiya kimi qiymətləndirilsin, o insanlara və onların ailə üzvlərinə repressiya qurbanları statusu verilsin və Ermənistandan təzminat məsələsi beynəlxalq təşkilatlar qarşısında qaldırılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov, buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə, istərdim ki, bu təklifi yaz sessiyasının ilk iş günündə verim, ancaq qismət bu gün oldu, bu gün verməliyəm. Hamınıza məlumdur ki, bazar iqtisadiyyatı dövründə elmi-texniki tərəqqinin nəticələrinin kənd təsərrüfatı istehsalında tətbiq edilməsi çox böyük əhəmiyyət kəsb edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin təcrübəsi göstərir ki, hər bir ölkənin iqtisadi inkişafında innovasiya yönümlü iqtisadiyyata keçilməsi zəruridir. Bu baxımdan kənd təsərrüfatı istehsalının texniki, texnoloji və təşkilati bazasının mütəmadi olaraq yeniləşdirilməsi və rəqabət qabiliyyətli məhsullar alınması mühüm rol oynayır. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasının əsas şərtlərindən biri texniki təchizatın yüksək səviyyəsi, mütərəqqi texnologiyalardan istifadə edilməsidir. Başqa sözlə desək, innovasiya fəaliyyəti inkişaf etmiş ölkələrin iqtisadi strategiyasının əsasını təşkil edir. Ona görə innovasiya siyasəti dövlətin aqrar siyasətinin tərkib hissəsi olmalıdır.
İnnovasiya prosesinin təkamülünə nəzər salsaq, görərik ki, innovasiya proseslərinin fəallaşma tempi vaxtaşırı artır və ya azalır. Xatırlatmaq istərdim ki, keçən əsrin 70–80-ci illərində dövlətin qərarı ilə xüsusilə kənd təsərrüfatında intensiv metodların tətbiq edilməsi nəticəsində müəyyən uğurlar qazanılmışdır. Lakin keçən əsrin sonlarında baş vermiş siyasi dəyişikliklər nəticəsində innovasiya fəaliyyəti uğursuzluğa düçar olmuşdur.
Respublikamız müstəqillik qazandıqdan sonra xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, aqrar sahədə də yeni iqtisadi sistemin əsasları formalaşmağa başladı. Böyük öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikamızda aqrar sahədə çox böyük islahatlar həyata keçirilmişdir. Elə buna görə də müasir şəraitdə innovasiya fəaliyyətinin nəzəri və metodoloji təminatı dəqiqləşdirilməli və işlənilməlidir.
Məlumdur ki, sahibkarlıq fəaliyyəti dövlət tərəfindən daim dəstəklənir. Özəl istehsal və xidmət qurumları öz fəaliyyətlərini bazarın tələbatına uyğun qurmağa çalışırlar. Bu vəzifələrin həyata keçirilməsi ilk növbədə yeni texnologiyaların tətbiqini, tədqiqat işinin təkmilləşdirilməsini və innovasiya fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsini tələb edir. Hesab edirəm ki, respublikamızda vahid innovasiya siyasəti yürüdülməlidir və onun həyata keçirilməsi üçün innovasiya haqqında qanun qəbul edilməlidir. Əgər innovasiya haqqında qanun qəbul edilərsə, bu, innovasiya sahibkarlığının inkişafına təkan verəcək, eyni zamanda, aqrar elmin fəallaşmasına və ölkəmizin iqtisadi inkişaf sürətinə müsbət təsir edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Fevralın 19-da Şəkidə 2009-cu ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında Şəkidən seçilmiş 3 deputat iştirak elədi. Hörmətli Yaqub Mahmudov 3 deputatın adından hesabat xarakterli bir çıxış elədi, 2009-cu ildə Şəkidən seçilmiş deputatların fəaliyyəti barədə çox geniş məlumat verdi. Buna görə hörmətli Yaqub Mahmudova öz təşəkkürümü bildirirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, yığıncaq çox konstruktiv və obyektiv keçdi və 2010-cu ildə qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olundu.
Mən seçicilərlə görüş zamanı ortaya çıxan 3 məsələ barədə, vaxt çatsa, sizə məlumat vermək istəyirəm. Birinci, əlavə dəyər vergisinə münasibətdə dövlət ali məktəbləri ilə özəl ali məktəblər arasında fərq var. Yəni ödənişli təhsildən daxil olan vəsaitlər büdcənin gəlirlərində və xərclərində oturduğuna görə dövlətin verdiyi göstərişə görə mərkəzləşdirilmiş qaydada istifadə olunur. Amma bu bütün dövlət ali məktəblərində problem kimi açıq formada qalıb. Nədənsə Müəllimlər İnstitutunun Şəki və Mingəçevir filiallarında bu məsələ, mən deyərdim ki, artıq cinayət işi səviyyəsinə qaldırılıb. Hesab edirəm, bu məsələyə yuxarı təşkilatlar aydınlıq gətirməlidir. Əgər doğrudan da, birmənalı şəkildə bütün dövlət ali məktəblərindən bu əlavə dəyər vergisi alınacaqsa, 2009-cu ilə qədər məsələ bitsin, 2010-cu ildə bu məsələyə yenidən baxılsın. Alınmayacaqsa, yuxarı təşkilatlar Vergilər Nazirliyinin əlaqədar strukturlarına bu barədə göstəriş versinlər, çünki həmin kollektivlərdə bu, xeyli dərəcədə gərginlik yaradır və işə mane olur.
İkinci məsələ bilavasitə ünvanlı sosial yardımla bağlıdır. Bizə müraciət edənlər ünvanlı sosial yardım ətrafında yaranan qeyri-müəyyənlik barədə narahatlıqlarını bildirirlər. Əvvəlcə məlumat verilmişdi ki, mart ayından bu işlər artıq qaydasına salınacaq, amma yenə həmin qeyri-müəyyənlik davam edir. Ona görə hesab edirəm ki, ünvanlı sosial yardımın ətrafında yaranmış problemlərin və bu sahədə olan neqativ halların aradan qaldırılması çox vacibdir. Çünki ünvanlı sosial yardım məhz aşağı təbəqənin vəziyyətinin yaxşılaşdırılmasının təcrübədən çıxmış ən yaxşı üsuludur. Yaxşı olar ki, o, təkmilləşdirilmiş formada elə həyata keçirilsin ki, məhz aşağı təbəqənin ünvanına getsin, başqa ünvanlara yönəlməsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri və media nümayəndələri! Əvvəlcə mən hörmətli həmkarım Musa müəllimin təklifini dəstəklədiyimi qeyd etmək istəyirəm. Çox xahiş edərdim ki, Oqtay müəllim, onun bu təklifinə diqqətsiz qalmayaq və bu məsələ mütləq müzakirə olunsun.
Biz bu gün Xocalı soyqırımı ildönümünün ərəfəsindəyik. Mən bu yöndə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd eləmək istəyirəm. Bu fond Xocalıya ədalət kampaniyası adı altında bütün dünyada çox önəmli, əhəmiyyətli və təqdirəlayiq işlər görür. Ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını ümummilli məsələlərimizlə bağlı, ölkənin böyük əhəmiyyət kəsb edən Xocalı soyqırımı kim milli məsələləri ilə bağlı həmfikir olmağa və bu yöndə fəaliyyət göstərməyə çağırıram. Düşünürəm ki, bütün olmasa da, əksər qeyri-hökumət təşkilatlarımız bu yöndə fəaliyyət göstərsə, biz Xocalı soyqırımının dünyada tanıdılması yönündə çox gözəl nəticələr əldə edə bilərik.
Yeri gəlmişkən mən şəhidlərin statusu ilə bağlı bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Əslində, bu məsələ dəfələrlə Milli Məclisin iclaslarında qaldırılıb. Mən çox hörmətli Hadi müəllimdən xahiş edərdim ki, bu məsələyə bir daha diqqət yönəldək, bir daha baxaq. Biz bilirik ki, Qarabağ müharibəsində və Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə həlak olmuş, şəhidlik statusu qazanmış şəhidlərimizin statusundan qanunvericiliyə görə onların həyat yoldaşları, övladları və valideynləri istifadə eləyə bilərlər. Amma məsələ burasındadır ki, şəhidlərimizin əksəriyyəti çox gənc olduğundan heç ailə qurmamış, bir qismi də çox erkən yaşda valideynlərini itirmişdir. Mən düşünürəm ki, həmin insanlara qəyyumluq etmiş, onları böyütmüş yaxın ailə üzvlərinə bu statusdan istifadə hüququ verilməlidir. Çox xahiş edirəm ki, hörmətli Hadi müəllim bu məsələyə diqqət yönəltsin. Düşünürəm ki, bu çox vacib məsələdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, mən bilirəm ki, Siz dünən İran İslam Respublikasına səfərdən qayıtmısınız. Məncə, indi Siz Milli Məclisə o dövlətin rəhbər şəxsləri ilə orada keçirdiyiniz görüşlər barədə məlumat versəydiniz, bu bütün deputatların ürəyicə olardı. Son günlər İranda rəsmi Bakının İsrail ilə əməkdaşlığına qarşı nümayişlər keçirir, Azərbaycan səfirliyinə yumurta atır, bayrağımızı yandırırlar. İsrailin Fələstində törətdiyi cinayətlərdən yüz qat artıq cinayət törətmiş, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş Sarkisyanla görüşüb ağız-ağıza öpüşən Əhmədinejad hansı mənəvi haqla bu gün Azərbaycanı İsraillə münasibətlər qurmaqda suçlayır? Biz millət vəkilləri olaraq buna etirazımızı bildirməliyik.
İkinci məsələ. Oqtay müəllim, burada Aynur xanım Heydər Əliyev Fondunun fəaliyyətini qeyd elədi. Bu yaxınlarda Fransa Prezidenti tərəfindən Mehriban xanım Əliyevaya “Şərəf legionu” ordeni verilib. Mən istərdim, parlamentdə belə bir ənənə qoyaq. Əvvəllər belə olmayıb. Bizim ayrı-ayrı deputatlarımız da Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək dövlət mükafatlarına layiq görülür. Belə hallar sessiyalararası dövrdə, yaxud sessiya günü baş verəndə onları, habelə ayrı-ayrı millət vəkillərinin ad günü olanda həmin həmkarlarımızı Milli Məclisdə təbrik eləyək, onlara uğurlar arzulayaq. Səhv etmirəmsə, bu gün ATƏT nümayəndə heyətinin tərkibində iştirak eləyən Fəttah müəllimin də ad günüdür, onu da yeri gəlmişkən təbrik edirəm.
Başqa bir məsələ. Oqtay müəllim, mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov mənə və bir qrup millət vəkilinə müraciət eləyib. Bunlar 1989-cu ildə hələ Sovet İttifaqı dağılmamış öz evlərini Bakı şəhərində bir erməni ilə rəsmi qaydada dəyişiblər. Sonradan, 1991-ci ildə Azərbaycan hökuməti bunları Ermənistandan gəlmiş azərbaycanlı kimi qanuni evindən çıxarıb Dağlıq Qarabağa göndərib. Həmin ərazilər işğal olunandan sonra isə bu adamlar ikinci dəfə Bakıya qayıdıblar. Amma öz qanuni evlərinə köçə bilmirlər, çünki həmin vaxt o ev bir polis işçisinə verilib. Mən başa düşürəm, polis işçisinin də mənzilə ehtiyacı var. Amma mən belə hesab edirəm ki, əgər o ev polis işçisinə verilibsə, polis işçisi oradan çıxarılmazsa, heç olmasa, o adamların qanuni mənzil hüququ bərpa olunmalıdır. Bu adam dəfələrlə müraciət eləyib, hətta Apellyasiya Məhkəməsi bu adamın xeyrinə qərar qəbul edib. Amma sonradan Ali Məhkəmə o qərarı ləğv edib. Uzun müddətdir bu məsələ heç bir hüquqi müstəvidə öz həllini tapa bilmir. Ona görə də Sizin və ölkənin siyasi rəhbərliyinin artıq bu məsələyə müdaxiləsinə ehtiyac var. Mən bu adamların şəraitini bildiyim üçün sizdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən sizin hamınızın diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Bildiyiniz kimi, Türkiyə ilə Ermənistan arasında protokollar imzalandıqdan sonra Türkiyə hökuməti, Türkiyə parlamenti bu protokolların tətbiq olunması məsələsində çox qətiyyətli bir siyasət ortaya qoyub. Eyni zamanda, onların Azərbaycanla, Qarabağ məsələsi ilə bağlı mövqeyi də aydındır. Bu günlərdə Türkiyənin Baş naziri cənab Ərdoğan Madriddə məsələni bir daha qəti şəkildə açıqladı. Amma Türkiyəyə qarşı təzyiqlər gündən-günə artmaqdadır. Amerika Konqresində yenidən qondarma soyqırımı məsələsinin gündəmə gətirilməsi istiqamətində fəallıq güclənməkdədir. Verilən məlumatlara görə, mart ayının 4-də Amerika Birləşmiş Ştatları Konqresinin komitəsində bu məsələ yenidən müzakirəyə çıxarılacaq. Amerika Birləşmiş Ştatlarında erməni lobbisi bu yöndə geniş fəaliyyət göstərməkdədir.
Mən hesab edirəm ki, qondarma erməni soyqırımının bu və ya digər formada gündəliyə çıxarılması birbaşa Azərbaycanın maraqlarına da ziddir. Çünki soyqırımı törədən ermənilərdir, – bu gün Xocalı soyqırımını bir daha xatırladıq, – ona görə də mən düşünürəm ki, Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz əlaməti olaraq Amerika Birləşmiş Ştatları Konqresinə məktub göndərməlidir. Lazım gələrsə, Azərbaycan parlamenti məxsusi deputat qrupunu da Birləşmiş Ştatlara göndərə bilər və bu məsələ ətrafında Birləşmiş Ştatlar Konqresində söhbətlər aparıla bilər. Bu çox ciddi bir məsələdir. Azərbaycan və Türkiyə diplomatiyası, o cümlədən bizim millət vəkillərimiz bu yöndə birgə fəaliyyət göstərməlidirlər. Mən təklif edirəm ki, biz Konqresə öz etirazımızı bildirək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət xanım, buyurun.
M. İbrahimqızı. Sağ olun, Oqtay müəllim. Mən də öncə həm Musa Quliyevin, həm də hörmətli həmkarımız Mübariz Qurbanlının qaldırdıqları məsələlərə öz müsbət münasibətimi bildirirəm. 100 il bundan qabaq, 1905-ci ildə Osmanlı dövründə nə olub-olmayıb, kim-kimə qarşı soyqırımı edib, bu hələ məlum deyil, amma 30–40 il bundan qabaq sovet dövründə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası və soyqırımı məlum faktlardır. Biz bunlara yenidən baxmalı və bununla bağlı lazım olarsa, Mübariz müəllimin də qeyd etdiyi kimi, Konqresə müraciət etməliyik.
Hörmətli Oqtay müəllim, 2005-ci ildə Siz spiker seçiləndə ilk çıxışınızda belə bir məqamı vurğuladınız ki, bu beşillikdə biz yeni qanunlar qəbul edəcəyik və görəcəyimiz işlərdən biri də indiyədək qəbul edilmiş qanunların təkmilləşdirilməsi olacaqdır. Bilirsiniz ki, son zamanlar ölkəmizdə qızların təhsildən yayınması və erkən nikaha girməsi ilə bağlı çox ciddi narahatlıqlar var. Hörmətli Oqtay müəllim, Azərbaycan qadınlarının III Qurultayında Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan qadınlarına şəxsən müraciət edərək, Azərbaycan qadınlarının qarşısında təhsildən yayınma və erkən nikaha girməklə bağlı birmənalı olaraq bir vəzifə qoydu. O hətta çıxışında dedi ki, Azərbaycan qadınları bununla bağlı qəti sözünü deməlidir. Mən hörmətli həmkarlarımın diqqətinə nəyi çatdırmaq istərdim. 1998-ci ildə bizim qəbul etdiyimiz “Uşaq hüquqları haqqında” Qanunda həm oğlan, həm də qızlar üçün uşaq yaşı 18 yaşa qədər sayılır. Amma 1999-cu ildə qəbul etdiyimiz Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17 yaş müəyyən olunub. Bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin qəbul etdiyi “Uşaq hüquqları haqqında”, eləcə də “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv olunması haqqında” konvensiyalarda uşaq yaşının 18 yaşına qədər və nikah yaşının minimum həddinin 18 yaş olması nəzərdə tutulub. Xatırlatmaq istərdim ki, Nazirlər Kabinetinin 2003-cü ildə qəbul etdiyi qaydada üzürlü səbəblərdən nikah yaşının 17 yaşdan 16 yaşa endirilməsi məsələsi də var. Bu bir daha göstərir ki, bizim qəbul etdiyimiz qanunlarda bir az ziddiyyət var. Təbii ki, mən qızlar üçün nikah yaşının 18 yaş olmasını dəstəkləsəm də, bu barədə son qərarı parlament verəcək. Amma ən azı qanunlarımızda olan...
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E. Məmmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu günlər xalqımız çox ağır bir hadisənin, Xocalı soyqırımının növbəti ildönümünü yaşayır. 1993-cü ildən etibarən ulu öndərimiz Heydər Əliyevin Xocalı soyqırımının tanınması istiqamətində gördüyü işlər, apardığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Heydər Əliyev Fondu bu istiqamətdə çox gərgin və səviyyəli iş aparır. Bir il ərzində, yəni 2009-cu ilin fevral ayından bu günə kimi Xocalıya ədalət kampaniyasına rəhbərlik edən Leyla Əliyevanın beynəlxalq aləmdə bu istiqamətdə apardığı işlər göz qabağındadır. Xarici ölkələrdə olan diplomatik korpuslarımız, diasporlarımız tərəfindən görülən işlər Xocalı soyqırımı haqqında həqiqətlərin və ümumiyyətlə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün layiqli töhfələrdir. Ancaq hələ kifayət qədər deyil, bu istiqamətdə görməli işlərimiz çoxdur.
Hörmətli millət vəkilləri, mən hörmətli həmkarım Mübariz Qurbanlının fikrinə münasibət bildirmək istəyirəm. Bu istiqamətdə şəxsən mənim də türkiyəli millət vəkilləri ilə söhbətlərim olub. Türkiyənin bir çıxış yolunu demək istəyirəm. Hər dəfə müəyyən məsələlərlə bağlı Amerika Birləşmiş Ştatları, yaxud Avropa Birliyi erməni məsələsini ortaya atıb qardaş ölkəyə təzyiq göstərəndə Türkiyə çıxılmaz vəziyyətdə qalır. Ancaq çıxış yolu var. Türkiyə birmənalı olaraq bəyan eləməlidir ki, əgər martın 4-də Amerika Konqresində qondarma erməni soyqırımı tanınacaqsa, biz də həqiqi Xocalı soyqırımını tanıyacağıq. Düzdür, deyirlər ki, Türkiyə Böyük Millət Məclisində dinləmələr olacaq. Mən iki dəfə dinləmələrdə iştirak eləmişəm. Tamamilə mənasız bir şeydir. Dinləmələr əvəzinə birdəfəlik mövqe ortaya qoyulmalıdır ki, sən 1915-ci il soyqırımından danışan kimi, mən də Xocalı soyqırımından danışacağam. Biz Azərbaycan Respublikasının Milli Məclisi olaraq Amerika Birləşmiş Ştatları Konqresinə öz münasibətimizi, mövqeyimizi bildirməli, müraciət qəbul eləməliyik ki, siz heç bir hüquqi əsası, sübutu, faktı olmayan 1915-ci il soyqırımından danışırsınız, halbuki bu gün hələ canlı şahidləri olan, bütün sənədlər toplusu olan Xocalı soyqırımından danışmaq vaxtıdır.
Sədrlik edən. Sağ olun. Mən bir məsələni qeyd eləmək istərdim. Çox vaxt Xocalı faciəsinə verilən siyasi qiymətdən söhbət gedir. Biz araşdırdıq, gördük ki, Milli Məclisdə yalnız bu illər ərzində 75 qərar, müraciət, qətnamə, bəyanat qəbul olunub. Mən çox dəqiqliklə deyə bilərəm ki, beynəlxalq aləmdə Xocalı faciəsinə ilk dəfə olaraq İslam Konfransı Təşkilatının Parlament Assambleyası tərəfindən çox düzgün bir qiymət verildi.
Bildiyiniz kimi, İslam Konfransı Gənclər Təşkilatı Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanımın təşəbbüsü ilə bir il öncə belə bir kampaniya aparıldı. Çox gözəl haldır ki, artıq dünyanın 56 ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatının Parlament Assambleyasında Xocalı faciəsi ilə bağlı bir qətnamə qəbul olundu. Mən çox istərdim ki, Səfa Mirzəyev bir hüquqşünas kimi bizə bu qətnamənin izahını versin. Buyurun, Səfa müəllim.
S. Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli deputatlar! Cənab Sədr sizə tamamilə düzgün informasiya çatdırdı, bu il yanvarın 31-də Uqandanın paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatı Parlament Birliyinin ali orqanı olan konfransın VI sessiyası keçirilmişdir. Həmin sessiyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinə hörmətli deputatlar Cavanşir Paşazadə və Sabir Rüstəmxanlı daxil idilər.
Bu sessiya haqqında bizim qabaqcadan məlumatımız vardı. Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İslam Konfransı Gənclər Forumu ilə birlikdə qətnamə layihəsi hazırladıq. Ümumi qətnamə layihəsi İslam Konfransı Gənclər Forumu ilə İslam Konfransı Təşkilatı Parlament Birliyi arasında əməkdaşlıq haqqında idi. Ancaq bilirsiniz ki, Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası keçirilir. Bu kampaniya çərçivəsində qətnaməyə Xocalı barədə müddəalar daxil edilmiş və bizim birgə səylərimiz, habelə İKT Parlament Birliyinin Baş katibi ilə iş nəticəsində qətnamənin mətnində Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı və insanlığa qarşı cinayət kimi qiymətləndirilmişdir.
Bu, əlamətdar bir haldır, çünki ilk dəfədir beynəlxalq təşkilat, özü də dünyada mövcud olan parlamentlərin dörddə bir hissəsini təmsil edən bir təşkilat Xocalı faciəsinə, Xocalı qətliamına insanlığa qarşı cinayət kimi qiymət vermiş və birbaşa göstərmişdir ki, bu, erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən qətliam olmuşdur. Bunun əhəmiyyətini qeyd edərək, xüsusilə vurğulamaq istərdim ki, insanlığa qarşı cinayət anlayışı beynəlxalq hüquqda bir çox dəhşətli hərbi cinayətləri və soyqırımları özündə əks etdirən ümumi anlayışdır.
Bu baxımdan bu bizim əlimizə bir presedent verir və bu presedent əsasında biz həmin qətnaməyə istinad edərək, başqa təşkilatlar tərəfindən də Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi qiymətləndirilməsini tələb edə bilərik. Həmin qətnamədə iki başqa əlamətdar hal da var. Onlardan biri ondan ibarətdir ki, İslam Konfransı Təşkilatı ona üzv olan ölkələrin parlamentlərinə tövsiyə edir ki, onlar da Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi qiymətləndirsinlər. İkinci əlamətdar cəhət ondan ibarətdir ki, həmin parlamentlərdən xahiş olunur ki, İslam Konfransı Təşkilatına daxil olan parlamentlər üzv olduqları digər parlament təşkilatlarında bu məsələni qaldırsınlar və həmin parlament təşkilatlarından tələb etsinlər ki, onlar da Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi qiymətləndirsinlər.
Bütün bunlar mənə əsas verir ki, bu qətnaməni təkcə bir siyasi qətnamə kimi deyil, eyni zamanda, olduqca vacib bir hüquqi sənəd kimi çox yüksək qiymətləndirim. Azərbaycan dövləti bu qətnaməyə istinad edib onu digər beynəlxalq təşkilatlarda presedent kimi gətirərək tələb edə bilər ki, onlar da öz qərarlarında bunu təkrarlasınlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən, həqiqətən, hesab edirəm ki, bu ilk belə hüquqi sənəddir. Xalqını sevən hər bir vicdanlı azərbaycanlı kimi hər bir deputat da Xocalı faciəsinin dünyada mümkün qədər geniş miqyasda tanıdılması üçün öz imkanlarından maksimum istifadə etməlidir. Bu sənəd bizə imkan verir ki, iştirak etdiyimiz bir çox digər beynəlxalq təşkilatlarda, parlament qurumlarında da Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün səylərimizi artıraq. Çox sağ olun.
İndi xahiş edirəm, keçək gündəliyə. Gündəliyin birinci məsələsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Konstitusiya qanununun layihəsi cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmişdir. Məlumat üçün demək istəyirəm ki, bu qanun layihəsi Naxçıvanın Konstitusiyasına uyğun olaraq 2009-cu il iyunun 30-da Naxçıvanın Ali Məclisində müzakirə olunmuş, 6 ay keçdikdən sonra səsə qoyulmuş və Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir.
Mahiyyət baxımından bu layihədə təklif edilən əlavə və dəyişiklikləri iki hissəyə bölmək olar. Bunların bir hissəsi Azərbaycan Respublikasının Konstitusiyasına sonuncu dəfə referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərin Naxçıvanın Konstitusiyasında əks olunması ilə bağlıdır, ikinci qrup əlavə və dəyişikliklər isə daxili məsələlərin həllinə yönəlmişdir. Eyni zamanda, bir-iki texniki düzəliş də mövcuddur. Onlardan birincisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında və 1-ci maddəsində “1921-ci il” sözlərindən sonra Azərbaycan dilinin qrammatikasına uyğun olaraq “tarixli” sözünün əlavə edilməsidir. Biz bilirik ki, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericiliyə, həm də Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bir sıra hallarda icra funksiyalarını həyata keçirən şəxsdir. Layihədə onun səlahiyyətlərinə Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat və ali xüsusi rütbələrin verilməsinə dair təkliflər verilməsi səlahiyyətlərinin əlavə edilməsi təklif olunur.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında açıq və qapalı iclasların keçirilməsi proseduruna dair müddəa mövcuddur və referendumda biz qapalı iclasların Milli Məclisdə də keçirilməsi prosedurunu həll etmişdik. Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarında da öz əksini tapmalıdır. Eyni zamanda, Naxçıvan Ali Məclisi deputatlarının səlahiyyətlərinin itirilməsi hallarına aid 19-cu maddəyə aşağıdakı məzmunda 4-cü bəndin əlavə olunması da tamamilə məntiqidir: “icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;”. Azərbaycan Konstitusiyasında da belə bir müddəa öz əksini tapmışdır.
Bildiyiniz kimi, referendumda biz Milli Məclisin daimi komissiyalarının təşkili haqqında normanın dəyişdirilməsini – komitələrin və komissiyaların olmasını təklif etdik. Eynilə referendum aktından irəli gələrək Naxçıvan Ali Məclisinin işinin təşkilində də komitələrin və komissiyaların mövcudluğu öz əksini tapacaqdır. Konstitusiyamıza görə, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ olan subyektlər məlumdur. Bu subyektlər sırasına respublikanın Baş prokuroru da əlavə olunmuşdur. Layihədə təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının prokuroru da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ verilən subyektlər sırasına daxil edilsin. Eyni zamanda, referendumda öz əksini tapmış “qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir” müddəasının Naxçıvan Konstitusiyasında öz əksini tapması da məntiqi təklifdir.
Bildiyiniz kimi, məhkəmə-hüquq islahatları nəticəsində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə muxtar respublika ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirmək səlahiyyəti verilmişdir və indi o da artıq Naxçıvan üçün kassasiya instansiyası rolunda çıxış edir. Layihədə bu reallığın Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında təsbit edilməsi təklif olunur. Bu Konstitusiyaya “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir” müddəasının əlavə edilməsi də sonuncu referendumda öz əksini tapmış müddəalara uyğundur.
Beləliklə, hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Konstitusiya qanununun qəbul edilməsində məqsəd həm Muxtar Respublikanın bir sıra daxili məsələlərinin həll edilməsindən, həm də ən başlıcası sonuncu referendum aktında Azərbaycan Konstitusiyasında öz əksini tapmış məsələlərin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına köçürülməsindən ibarətdir. Odur ki, millət vəkillərindən bu Konstitusiya qanununa səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən çıxışıma başlamamışdan öncə istəyərdim, bir məsələyə münasibət bildirim. Mənim üçün bir az anlaşılmaz oldu. Yəni Azərbaycanda İran haqqında danışmaq bu qədər qorxuludur, yoxsa Siz özünüzə sığışdırmadınız ki, Sizə səs verib spiker seçmiş insanlara öz səfəriniz barədə qısa bir məlumat verəsiniz? Naxçıvan məsələsinə gəldikdə isə hesab edirəm ki...
Sədrlik edən. Xahiş edirəm, çıxış edəndə bir balaca diqqətli ol. Mən özümə sığışdıraram. Nə çıxış lazımdırsa, eləmişəm, edirəm, yazılı da veriləcək. Ona görə xahiş edirəm, iclası başqa istiqamətə aparma.
Q. Həsənquliyev. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı mən də öz fikirlərimi söyləmək istəyirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan dövləti unitar respublikadır. Eyni zamanda, həmin maddənin üçüncü hissəsində də yazılır ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Mən bu məsələ bizim komitədə müzakirə olunarkən demişdim ki, Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyası, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu məsələni müzakirə etməlidirlər. Biz bu məsələni gündəmə gətirməliyik, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına yenidən baxmalıyıq və həm də Azərbaycan Respublikasının Konstitusiyasında lazım olan bəzi dəyişiklikləri etməliyik.
Söhbət nədən gedir? Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin təyin olunmasında Azərbaycan Respublikasının Prezidenti iştirak etmir, baxmayaraq ki, biz unitar dövlətik. Rusiya federativ dövlətdir, amma federasiyanın subyektlərinin başçılarının təyin olunmasında Rusiya Prezidenti birbaşa iştirak edir və onların namizədliyini həmin respublikaların parlamentlərinə təsdiq üçün təqdim edir. Ona görə Naxçıvanda da hakimiyyətin bölgüsü prinsipi, nəhayət, öz həllini tapmalıdır. Muxtar Respublikanın ali vəzifəli şəxsi həm də icra funksiyalarını yerinə yetirən şəxsdir. Ona görə də qanunverici orqan ayrılmalıdır. Yəni Naxçıvan Ali Məclisinin sədri ayrı bir vəzifəli şəxs olmalıdır. Bu ya Naxçıvan Muxtar Respublikasının prezidenti, ya Naxçıvan Muxtar Respublikası administrasiyasının rəhbəri, ya da qubernatoru ola bilər. Ali vəzifəli şəxsə bir ad qoymaq olar. Bu ali vəzifəli şəxs mütləq Prezidentin təqdimatı əsasında Naxçıvan Ali Məclisi tərəfindən təsdiq olunmalıdır. Amma digər səlahiyyətlər, yəni icra strukturlarının formalaşdırılması səlahiyyəti Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə verilməlidir.
Baxın, indiki vəziyyətdə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Nazirlər Kabinetinin formalaşdırılmasında heç bir rol oynamır. Naxçıvan Nazirlər Kabineti sədrinin təqdimatını Azərbaycan Respublikasının Prezidenti verir və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi onu təsdiq edir. Nazirlərin təqdimatını da yenə Naxçıvanın ali vəzifəli şəxsi yox, Naxçıvanın Baş naziri verir və bu, Naxçıvanın Ali Məclisində təsdiq olunur. Bu gün biz dəyişiklik edirik və yazırıq ki, Naxçıvanın ali vəzifəli şəxsi rayon icra hakimiyyəti başçılarının təyinatı ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. Mən bunu doğru sayıram və bu layihəyə səs verəcəyəm. Amma növbəti mərhələdə hesab edirəm ki, Naxçıvanda Nazirlər Kabinetinin formalaşdırılmasında Naxçıvanın ali vəzifəli şəxsinin iştirakını təmin etmək üçün mütləq icra orqanı qanunverici orqandan ayrılmalıdır və bu məsələlər Naxçıvanın Konstitusiyasına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bayaq çıxışınızı kəsməmək üçün fikrimi yarımçıq dedim. Hörmətli Qüdrət Həsənquliyev, İran–Azərbaycan münasibətlərinə fərqli yanaşmalar var. Bir var, populist yanaşmalar, bir də var, dövlətçilik nöqteyi-nəzərindən yanaşmalar. İran İslam Respublikasına səfərim zamanı nümayəndə heyətinin tərkibində Milli Məclisin 3 komitə sədri və İran–Azərbaycan dostluq qrupunun üzvləri var idi. Mən hesab edirəm ki, biz daim İran İslam Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafını və münasibətlərin yüksək səviyyədə qurulmasını fikirləşməliyik. Çünki İran İslam Respublikası Azərbaycanla 657 kilometr sərhədi olan bir ölkədir.
Bu səfər zamanı nümayəndə heyəti İran İslam Respublikasında mövcud olan bütün dövlət strukturları ilə görüşdü və hər bir görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunanda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən söhbət getdi. Hətta İran dəfələrlə öz vasitəçiliyini də təklif etdi. Çox əfsuslar olsun ki, həm o tərəfdən, həm də bu tərəfdən məsələyə dövlətçilik nöqteyi-nəzərindən yanaşmayaraq bu əlaqələrin pisləşməsini istəyənlər var. Mən hesab edirəm, əgər biz parlamentdə bu məsələlərin müzakirəsinə başlasaq, hər kəsin mövqeyi məlum olacaq.
Mənim mövqeyim odur ki, Azərbaycan dövlətinin regionda olan ölkələrlə bütün əlaqələrinin yüksək səviyyədə qurulması lazımdır. Ona görə xahiş edirəm, populist çıxışları saxlayaq, başqa məsələlər müzakirə olunanda belə söhbətlər aparmayaq. Sual varsa, istənilən suala cavab verərik. Millət vəkilləri televiziyada çıxış etdilər, məqalələr də olacaq. Ona görə xahiş edirəm, bir az səviyyəmizi normal saxlayaq. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Bu gün gündəlikdə nəzərdə tutulan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər haqqındakı məsələ real gerçəkliyi, cəmiyyətimizin inkişaf səviyyəsini və qanunvericiliyin daha da təkmilləşməsi ilə bağlı məsələləri əhatə edir. Konstitusiyaya əlavə və dəyişikliklərin layihədə nəzərdə tutulan kimi qəbul edilməsi, hər şeydən əvvəl Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının ölkəmizin Konstitusiyasına daha kamil və mükəmməl şəkildə uyğunlaşdırılmasına xidmət edir.
Eyni zamanda, təklif olunan əlavə və dəyişikliklər cəmiyyətdə gedən proseslərin qanunvericiliklə uzlaşmasının daha da dəqiqləşməsinə, konkretləşməsinə şərait yaradır. Düşünürəm ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizdə demokratik düşüncənin dərinləşməsinə və möhkəmlənməsinə şərait yarada biləcəkdir. Bu əlavə və dəyişikliklərin qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunun qanunvericilik baxımından daha da möhkəmlənməsinə xidmət edə bilər. Bu isə indiki şəraitdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasında mövqeyinin möhkəmlənməsinə xidmət göstərə bilər ki, bu baxımdan da son dərəcə əhəmiyyətlidir.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi qanunvericilik funksiyalarını yerinə yetirməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikası çərçivəsində icraedici funksiyaları da həyata keçirir. Bu gün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, yəni sədrinin icraedicilik baxımından həyata keçirdiyi vəzifələrin qanunvericilik dili ilə ifadə olunması deməkdir. Burada nəzərdə tutulan məsələlərin, əslində, hamısı ali vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq həyata keçirilir. Sadəcə, bu məsələlər vaxtilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunarkən nəzərdə tutulmamışdır. Bu gün təklif edilən əlavə və düzəlişlər məhz bu boşluğu aradan qaldırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsi, eyni zamanda, dövlət təltiflərinin verilməsi ilə bağlı ölkə başçısı qarşısında təklif və ya təqdimatla çıxış etmək vəzifəsini Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olaraq ali vəzifəli şəxs yerinə yetirir. Lakin bu məsələ vaxtilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında konkret və aydın şəkildə ifadə olunmamışdır. Bu gün biz onları bura daxil etməklə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Azərbaycan Respublikasının Konstitusiyasına uyğun müddəaları əlavə etmiş oluruq.
Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik təşəbbüsü ilə çıxış etmək Ali Məhkəmə ilə yanaşı, prokurorluğa da şamil edilmişdir. Lakin vaxtilə Naxçıvan Muxtar Respublikasının əsas qanunu hazırlanarkən prokurorluğun qanunvericilik təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında çıxış etməsi məsələsi diqqətdən kənarda qalmışdı. Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının Milli Məclisi qarşısında bu cür hüquqlara malikdir. Düşünürəm ki, eyni hüquqların analoji qaydada Azərbaycanın tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi tamamilə məntiqli və yerində olan bir hadisədir.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Apellyasiya Məhkəməsinin funksiyalarını özündə daşıması da günün reallığıdır. Bunun da Ali Məhkəmənin iş prinsipinə və mövcud qanunvericiliyə uyğun bir hal olduğunu ayrıca qeyd etməyi özümə borc bilirəm.
Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə həmahəng olaraq keçirilməsi üçün nəzərdə tutulan müddəa da mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə elm və yaradıcılıq sahələri istisna olmaqla sahibkarlıq fəaliyyəti və dini fəaliyyətlə məşğul olan şəxslərin seçkilərdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Lakin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında belə bir müddəa yoxdur. Praktikada isə bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq nəzərə alınır. Ona görə də bu məsələnin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi tamamilə təbiidir, mövcud reallığı əks etdirir və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası baxımından qanunvericilik sahəsində olan boşluğu aradan qaldırmağa xidmət edir.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ali hərbi rütbələrin verilməsi barədə ölkə Prezidenti qarşısında təkliflə çıxış edir. Lakin vaxtilə bu maddə yazılarkən ali hərbi rütbə bütün sahələri əhatə etmək kimi nəzərdə tutulmuşdu. Lakin bu gün cəmiyyətin inkişafı konkretləşmə aparmağı tələb edir. Bu gün ölkəmizdə ali hərbi rütbələrlə yanaşı, ali xüsusi rütbələr də mövcuddur. Məsələn, gömrük, vergi orqanlarına da ali hərbi rütbələrin verilməsi vəzifəsini, əslində, Ali Məclisin sədri xüsusi təqdimatla ölkə Prezidenti qarısında qaldırır. Amma bu incəlik vaxtilə cəmiyyətin o vaxtkı inkişafının prinsiplərinə uyğun olaraq Konstitusiyada öz əksini tapmamışdır. Cəmiyyətin indiki inkişaf səviyyəsi Ali Məclisin sədrinin ölkə Prezidenti qarşısında ali xüsusi rütbələrin verilməsi məsələsini qaldırması müddəasının Konstitusiyaya daxil edilməsini real bir tələbat olaraq irəli sürür. Mən hesab edirəm ki, bu müddəa da tamamilə yerindədir.
Ali Məclisin yığıncaqlarının açıq və ya qapalı keçirilməsi barədə təklif olunan müddəa Azərbaycan Respublikası Milli Məclisinin yığıncaqlarının açıq və ya qapalı keçirilməsi haqqında məlum müddəa ilə tamamilə səsləşir. Bu müddəanın Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına daxil edilməsi bu sahədə olan mövcud boşluğu aradan qaldırmağa xidmət edir.
Mərkəzi Seçki Komissiyasının tərkibinin vəzifəli şəxs tərəfindən formalaşdırılması barədə təklif olunan müddəa da həm cəmiyyətdə gedən proseslərə, həm də qanunvericilik prinsiplərinə tamamilə uyğundur. Təklif olunan düzəlişlərdə bir sıra texniki xarakterli məsələlər də vardır. Mən onları diqqətlə izlədim, hamısı yerindədir. Bu bizim qanunlarımızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının daha səlis, daha dolğun şəkildə ifadə olunmasına xidmət edəcəkdir.
Bir məsələnin üzərində dayanmaq istəyirəm. Qanun layihəsinin preambula hissəsində və 1-ci maddədə “1921-ci il” sözlərindən sonra “tarixli” ifadəsinin əlavə olunması nəinki qrammatik boşluğu doldurmağa xidmət edir, eyni zamanda, Moskva və Qars müqavilələrinin Azərbaycanın ərazi bütövlüyünün, Naxçıvan Muxtar Respublikasının statusunun müəyyən olunmasındakı tarixi roluna aid mənaları da məntiqi şəkildə ifadə etmək imkanlarına malikdir. Bütün bunlara görə hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər “Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə əlavə səlahiyyətlərin verilməsi” ilə bağlı məntiqi ifadə etmir. Əksinə, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq praktikada həyata keçirdiyi vəzifələrin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmasına xidmət edir. Bu da tamamilə təbiidir, çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm də icraedici funksiyaları həyata keçirir. Mən bütövlükdə bu əlavələr və dəyişiklikləri təkcə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının deyil, ümumiyyətlə, ölkəmizdə qanun yaradıcılığının təkmilləşməsi və inkişaf etməsi baxımından əhəmiyyətli sayıram. Buna səs verəcəyəm, həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ. Hacıyev. Hörmətli deputatlar, qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdən irəli gəlir. Komitə sədri hörmətli Əli Hüseynov bu dəyişiklikləri geniş şəkildə təhlil etdi və onları haqlı olaraq 3 qrupa böldü. Doğrudan da, belədir. İlk növbədə referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmalıdır. İkinci bir cəhətdən isə baş verən əlavə və dəyişikliklər bilavasitə Naxçıvan Muxtar Respublikasının daxili siyasi həyatı ilə bağlıdır. Üçüncü qrup isə, deyildiyi kimi, bəzi texniki səbəblərlə bağlıdır.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişiklik və əlavələri qruplaşdıraraq aşağıdakı kimi səciyyələndirmək olar: Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının mandatdan məhrum edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili və həll etdiyi məsələlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisində qanunvericilik təşəbbüsü hüququnun Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna da şamil edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimiyyətinin həyata keçirdiyi tədbirlər və sair. Bütün bu qeyd olunan məsələlər Konstitusiyaya əlavələr və dəyişikliklərdə öz əksini tapmışdır. Qeyd edim ki, Konstitusiyanın həm preambula hissəsinə, həm 1-ci maddəsinə, həm də əlavə olaraq 9 maddəsinə dəyişiklik və əlavələr nəzərdə tutulmuşdur. Bəzilərində, sadəcə olaraq, əlavələr, bəzilərində isə dəyişikliklər edilməsi təklif olunmuşdur.
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına, ümumiyyətlə, muxtariyyət statusu çox çətin bir şəraitdə verilmişdir. Burada bu barədə söhbət getdi. Təbii ki, unitar dövlətin tərkibində ikinci bir muxtar dövlətin olmasına şübhə ilə yanaşanlar oldu, daha doğrusu var. Mətbuatda da bu barədə yazılır. 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan coğrafi cəhətdən təcrid olundu, yəni anklav vəziyyətinə düşdü. Belə bir şəraitdə Naxçıvan Azərbaycanın tərkibində rayon hüququnda yaşaya bilməzdi. Ona görə də Naxçıvana muxtariyyət statusu verildi. Bu muxtariyyət statusu 1921-ci il mart ayının 16-da Türkiyə ilə Rusiya arasında bağlanan müqavilə ilə rəsmiləşdirildi. Bir qədər sonra Rusiyanın iştirakı ilə Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında 1921-ci ilin 13 oktyabrında bağlanan Qars müqaviləsi isə həm Cənubi Qafqaz respublikalarının ərazilərini dəqiqləşdirdi, həm də Moskva müqaviləsi ilə Naxçıvana verilən muxtariyyət statusunu bir daha təsdiq etdi.
Belə bir faktı xatırlatmağı özümə borc bilirəm ki, bu gün Naxçıvana qarşı ərazi iddiaları irəli sürən Ermənistan dediyimiz dövlət 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil dövlət kimi tanıyıb. 1921-ci ildə bağlanan Qars müqaviləsində Ermənistan nümayəndəsi Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsinə qol çəkib. Həmin müqavilələrlə faktiki olaraq Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Muxtariyyət statusu həm müstəqil Azərbaycan Respublikası Konstitusiyasının VIII fəslinin 134–141-ci maddələrində, həm də Naxçıvan Muxtar Respublikasının 1926, 1937, 1978 və 1999-cu illərdə bu Milli Məclis tərəfindən təsdiq olunmuş Konstitusiyasında öz ifadəsini tapıb. Burada hörmətli Əli müəllim də dedi, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına edilən əlavələr və dəyişiklikləri dekabrın 28-də üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VIII sessiyası da müzakirə və təsdiq etdi. Bunun təsdiqi həm də Azərbaycan Respublikasının Milli Məclisindən xahiş olundu.
Burada dəyişikliklər 5, 18, 19, 22, 25, 26, 43, 44 və 46-cı maddələr üzrə aparılıb. Burada deyildi, “1921-ci il” sözlərindən sonra “tarixli” sözü artırılıb. Bu redaktə xarakterli dəyişikliklər həm preambulada, həm də 1-ci maddədə öz əksini tapıb.
Qeyd olundu, mövcud variantda Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, yəni Ali Məclis sədrinin səlahiyyətləri 20-yə qədər bənddə göstərilir. Sadəcə, bura 3 bənd artırılır ki, əslində, real həyatda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri bu vəzifələri yerinə yetirir. Bunlar aşağıdakılardır: birincisi, “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir”, ikincisi, “ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir”, üçüncüsü, “Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir”. Faktiki olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri bu səlahiyyətləri yerinə yetirir. Həm Azərbaycan Respublikasının Konstitusiyasından, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından irəli gələn vəzifələr qanuniləşdirilməlidir. Bu dəyişikliklər də, qeyd olunduğu kimi, Konstitusiyada öz əksini tapır.
Burada deyildiyi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyəti funksiyasını yerinə yetirir. Bilirik ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi daimi fəaliyyət göstərən orqan deyil. İldə bir və ya iki dəfə Ali Məclisin sessiyaları keçirilir. Göründüyü kimi, 2005-ci ildən seçilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabr ayının 28-də VIII sessiyasını keçirib. Belə olan halda qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətini bir-birindən ayrı götürmək o qədər də məqsədəuyğun deyil və təbii ki, Konstitusiyada bu öz əksini doğru olaraq tapmışdır.
18-ci maddə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları ilə bağlıdır. Mövcud variant 3 bənddən ibarətdir. İndi 4-cü bənd 18-ci maddəyə artırılıb. Həmin maddədə göstərilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının qapalı iclası keçirilə bilər. Yəni zəruriyyət yaranarsa, qeyd olunduğu kimi, 31 deputat və Ali Məclisin sədri belə bir təkliflə çıxış edə bilərsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları qapalı keçirilə bilər.
Bundan başqa, 22-ci maddədə də müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili” adlanır. Hörmətli Əli müəllim dedi, zəruriyyət yaranarsa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Milli Məclisində olduğu kimi, komitə və komissiyaların yaradılmasında səlahiyyətlidir və onları yarada bilər.
25-ci maddə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər”dir. Göstərilir ki, 2-ci bənddə düzəliş edilir. Burada yazılır ki, bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir. Qanun və qərarların qəbul edilməsi konkret olaraq bir-birindən ayrılır. Bildiyimiz kimi, hər il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilir və bununla bağlı olaraq da müəyyən qanunlar qəbul edilir. Bu tələb də həmin qanunların qəbul edilməsindən irəli gəlir.
26-cı maddə qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlıdır ki, bu barədə həm İsa müəllim, həm də Əli müəllim dedi. 26-cı maddənin 1, 2, 4 və 5-ci bəndlərində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun bura əlavə edilməsi göstərilir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir. 43-cü və 44-cü maddələrdə məhkəmə hakimiyyəti ilə bağlı əlavələr edilir ki, bu da tamamilə qanunauyğundur. Mən əlavə və dəyişiklikləri müdafiə edirəm və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Hörmətli Ziyafət müəllim, mənim konkret iki təklifim var. Birinci təklifim Konstitusiyanın 5-ci maddəsinin 11–14-cü bəndlərinə aiddir. Həmin bəndlərdə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi tərəfindən prokurorların təyin edilməsi və onların işdən azad edilməsi, muxtar respublikanın ərazisində yerləşdirilmiş hərbi birləşmələrin komandan heyəti haqqında, vətəndaşlıq, əfv edilmə məsələlərinə dair təkliflərin verilməsi nəzərdə tutulmuşdur. Mən hesab edirəm ki, burada konkretliyə böyük ehtiyac var. Yəni mütləq qanunda göstərilməlidir ki, bu təkliflər kimə və hara göndərilməlidir. Bizim Konstitusiyamızın 109-cu maddəsinin 28-ci və digər bəndlərində göstərildiyi kimi olmalıdır.
İkinci təklifim 43-cü maddənin 3-cü bəndinə aiddir. Həmin bənddə göstərilir ki, məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, mülki və cinayət icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələrlə həyata keçirilir. Məlumdur ki, hazırda respublikamızda müstəqil inzibati məhkəmə sistemi yaradılır. Mülki və Cinayət məcəllələri ilə yanaşı, İnzibati Xətalar Məcəlləsi də fəaliyyət göstərir. Odur ki, həmin bənddə mülki və cinayət məhkəmə icraatı ilə yanaşı, inzibati xətalar məhkəmə icraatı da nəzərdə tutulmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün biz cəmiyyətimizin, ölkəmizin qanunvericilik təminatı üçün çox labüd və olduqca əhəmiyyətli bir məsələni müzakirə edirik. Hesab edirəm ki, Əli müəllim gözəl izahat verdi. İsa müəllimin və İsmayıl müəllimin geniş çıxışları da məsələyə bir daha aydınlıq gətirdi.
Hörmətli Ziyafət müəllim, biz hər bir qanunu müzakirə edəndə birinci onun prosedur tərəfinə baxırıq. İkinci, zərurət gəlir. Tamamilə aydın məsələdir ki, Naxçıvan Muxtar Respublikasının qanunvericilik təşəbbüsü var. Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxıldıqdan sonra tələb olunan müddət üçün Konstitusiyada nəzərdə tutulan müddəalar yerinə yetirilmişdir. Bunu Əli müəllim çox gözəl qeyd etdi. Xüsusilə məsələnin 2009-cu il 18 mart tarixli referendum aktına uyğunlaşdırılması, bu prosedura əməl olunması zəruridir. Bu, təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, ümumiyyətlə, bütün Azərbaycan qanunvericiliyinin əlaqəli surətdə tənzimlənməsi və bir-birini tamamlaması olduqca vacibdir. Yəni buna təkcə Naxçıvan Muxtar Respublikasında muxtariyyət statusunun səlahiyyətlərinin möhkəmləndirilməsi baxımından yox, ümumiyyətlə, bizim qanunlarımızın üzvi surətdə, əlaqəli şəkildə işləməsi mexanizminin tənzimlənməsi nöqteyi-nəzərindən yanaşmaq olduqca zəruridir.
İkinci tərəfdən də bunun həm siyasi, həm də beynəlxalq əhəmiyyəti vardır. Bayaq burada deyildi, biz Zəngəzuru itirdik. İndi də Qarabağ kimi böyük bir ərazimiz düşmən işğalı altındadır. Ulu öndərimiz həmişə deyib ki, Azərbaycan demokratik ölkədir. Dediyimiz kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət statusu veriləndən sonra bir daha sübut edirik ki, Azərbaycan özünün ana qanununa – Konstitusiyaya əməl edir və Azərbaycanın bütün muxtar respublika və vilayətlərə baxışları demokratik ənənələrə söykənir. Mən hesab edirəm ki, bu qanun layihəsi olduqca aktualdır, səmərəlidir. Bütün deputat həmkarlarımı bu əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən hesab edirəm ki, qanun layihəsinə kifayət qədər aydınlıq gətirildi. Qanun layihəsini səsə qoymazdan əvvəl burada səslənən 2 məsələyə münasibət bildirmək istəyirəm, çünki onları cavabsız qoymaq düzgün olmaz. Birinci, Azərbaycan dövlətinin unitarlığı haqqında söhbət gedir. Ümumiyyətlə, hələ sovet dövründə də və sovet hüquq ədəbiyyatında da Naxçıvan Muxtar Respublikasının Azərbaycanın, Qaraqalpak Muxtar Respublikasının Özbəkistanın, Abxaziyanın, Cənubi Osetiyanın, Acarıstan Muxtar Respublikasının Gürcüstanın tərkibində olmasına baxmayaraq, heç vaxt bu dövlətlər federativ dövlətlər kimi qəbul olunmayıb. Baxmayaraq ki, tərkiblərində muxtar qurumlar var idi. Niyə? Yəni avtomatik olaraq hər hansı bir muxtar qurumun bu və ya digər dövlətin tərkibində olması hələ onun federallaşması demək deyil. Federativ dövlət yalnız mərkəzi orqanla subyektlər arasında qurulan münasibətlərdən asılıdır. Məsələn, Rusiya Federasiyasında subyektlər arasında münasibətlər tamam başqa cür qurulub. Amma bizdə isə tamamilə başqadır. Xaricdən də misal gətirmək olar. Misal üçün, bilirsiniz, İtaliyanın tərkibində nə qədər muxtar qurumlar var? Amma İtaliya unitar dövlətdir. Yəni Naxçıvan Muxtar Respublikasının mövcudluğu Azərbaycanın unitar dövlət olmasına nə siyasi baxımdan, nə də hüquqi baxımdan heç bir xələl gətirmir. Burada heç bir problem yoxdur.
Burada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, yəni konkret olaraq Naxçıvan Ali Məclisinin sədrinin eyni zamanda həm qanunverici orqanın başçısı kimi, həm də icra funksiyalarını özündə ehtiva edən bir şəxs kimi fəaliyyəti ilə bağlı fikir səsləndi və deyildi ki, bunlar ayrılmalıdır. Mən bunun da qəti əleyhinəyəm. Bu, mümkün olan məsələ deyil. Əvvəla, nəzərə alın ki, Naxçıvan Muxtar Respublikasının xüsusi statusu var. Yəni 1921-ci il tarixli Qars və Moskva müqavilələrində bu xüsusi status təsdiq olunub. Digər tərəfdən, İsmayıl müəllim tamamilə düzgün qeyd etdi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi daimi fəaliyyət göstərən orqan deyil. Bu da nəzərə alınmalıdır.
Nəhayət, bu cür funksiyaların ali vəzifəli şəxsdə, parlamentdə cəmləşməsi heç də Azərbaycanda hakimiyyətin bölünməsi prinsipinə zidd deyil. Məsələn, Avropa ölkələrinin əksəriyyətini götürün. Avropa ölkəsində nazir həm deputatdır, həm də icra strukturunda işləyir. Türkiyə parlamentinin özündə nazir həm də deputatdır. Yeri gəlmişkən, bilirsiniz, İngiltərə o klassik dövlətlərdəndir ki, orada həmişə hakimiyyətin bölünməsi prinsipinə çox böyük hörmətlə yanaşıblar. İngiltərənin 600 ildən çox parlament ənənəsi var. Bu məsələ heç vaxt orada problem yaratmır. Güman edirəm ki, bu gün Konstitusiya qanunu ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər tamamilə yerindədir. Məclisin və ali vəzifəli şəxsin daha çevik fəaliyyət göstərməsi üçün yerində və gərəkli olan təkliflərdir. Hesab edirəm ki, bu, Azərbaycanın Konstitusiyasına tamamilə uyğundur. Mən sizin hamınızı dəvət edirəm ki, bu dəyişikliklərə və əlavələrə səs verəsiniz. Xahiş edirəm, hamını dəvət edin, çünki bu, 95 səs çoxluğu ilə qəbul olunmalıdır. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Səməd müəllim buradadır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kim isə məlumat verməlidir. Onda vaxtımız getməsin, Əli müəllim Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi haqqında məlumat versin. Səməd müəllim gələndə biz o məsələyə qayıdarıq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mülki Məcəlləyə təklif olunan dəyişiklik və əlavə ilk baxışdan çox kiçik görünür. Amma hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu əlavə və dəyişiklik kifayət qədər əhəmiyyətlidir. Artıq iqtisadçılara görə həm Azərbaycanda, həm də dünyada baş vermiş iqtisadi böhranın əsas səbəblərindən biri də qiymətli kağızlar bazarının düzgün tənzimlənməməsidir. Bu baxımdan bir sıra Avropa ölkələri hazırda tədbirlər görürlər və Azərbaycan da istisna deyil. Ona görə təklif olunan bu əlavə və dəyişikliyə ilk növbədə bu konteksdən baxılmalıdır.
Təklif olunur ki, 1078-11.5-ci maddə yeni redaksiyada verilsin. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə aparılmış işlərin nəticəsində bir sıra düzəlişlər olmuşdur. Mən həmin düzəlişləri sizin diqqətinizə çatdırmaq istəyirəm. “Emitentin təmin edilməmiş istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Yəni sonuncu variant bu cürdür. Bilirsiniz ki, emitent borc kağızlarını bu-raxan təşkilatdır, şirkətdir. Belə bir əlavəni etməklə bu normativləri tənzimləyən müvafiq icra hakimiyyəti orqanı üçün çevik imkanlar yaratmış oluruq. Hesab edirik ki, bu, faydalıdır və bu sahədə baş verə biləcək gözlənilməyən dəyişikliklərin qarşısını almaq mümkün olacaq.
1078-28.4-cü maddədə də sizlərə paylanmış variant üzərində iş gedib və sonuncu variantı sizə təqdim edirəm. İkinci cümləyə təklif olunur ki, “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözlərindən sonra “banklar istisna olmaqla” sözləri qeyd olunsun. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu dəyişiklik qanunvericiliyin sinxronlaşdırılması məqsədi daşıyır, çünki “Banklar haqqında” Qanunda da belə bir müddəa vardır. Hörmətli millət vəkillərindən bu əlavə və dəyişikliklərə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Mən də hesab edirəm ki, beynəlxalq təcrübəyə tamamilə uyğun olan bir məsələdir. Ziyad müəllim, Siz məlumat verəcəksiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz də razısınız. Deməli, bu məsələni səsverməyə qoyacağıq. Amma bu, ardıcıllıqla olmalıdır. İndi Səməd müəllim buradadır. Səməd müəllim, xahiş edirəm, üçüncü məsələ ilə bağlı məlumat verin. Bu, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenkonun Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqındadır.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin və Belarus Respublikasının Prezidenti cənab Lukaşenkonun Birgə Bəyannaməsi Azərbaycanın və Belarusun tam maraqlarına uyğun olan bir sənəddir. Bu beynəlxalq sənəd 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanıb. Birgə bəyanata diqqət yetirsəniz, görərsiniz ki, bu, hər iki ölkənin beynəlxalq təşkilatlarda ümumi mövqeyinə və hər iki ölkənin iqtisadi, mədəni, təhsil sahəsində əlaqələrinin genişləndirilməsinə xidmət edən bir sənəddir.
Misal üçün, Ziyafət müəllim, bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Yalnız 2009-cu ildə hər iki tərəfdən 150 rəsmi səfər həyata keçirilib. Təxminən 100-dək müxtəlif səfər (rəsmi, mədəniyyətlə, incəsənətlə bağlı səfərlər) Belarusdan Azərbaycana və 50-dən çox səfər Azərbaycan Respublikasından Belarusa həyata keçirilib. Bu da o deməkdir ki, həm Azərbaycan, həm də Belarus birgə siyasətlərini yalnız öz aralarında yox, dünya miqyasında, o cümlədən də yeni yaradılacaq Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirirlər. Mən bildirmək istəyirəm ki, “Şərq Tərəfdaşlıq Proqramı”na daxil olan ölkələrin parlament assambleyasının yaradılması ilə bağlı Azərbaycanın və Belarusun mövqeləri üst-üstə düşür. Bizim və Belarusun mövqeyi nəinki ardıcıl olaraq bir-birinə kömək və dəstək siyasəti daşıyır, o həm də başqa ölkələrə nümunə ola bilər. Biz bu sənədi komissiyamızda yekdilliklə qəbul etmişik. Hesab edirik ki, bunun parlamentdə qəbul olunması həm Azərbaycanın, həm də Belarusun strateji, siyasi maraqlarına tam uyğundur. Sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir, digər məsələ isə “Azərbaycan Respublikası Hökuməti ilə Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsidir. Səməd müəllim, zəhmət olmasa, hər iki qanun layihəsi barədə məlumat verin, amma səsverməni ayrıca keçirərik. Buyurun.
S. Seyidov. Ziyafət müəllim, bu təklifə görə çox sağ olun. Doğrudan da, hər iki qanun layihəsinin məntiqi bir-biri ilə əlaqəlidir. Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunarkən xüsusi vurğulanıb ki, bu qanun layihəsi Azərbaycanın Avropaya inteqrasiyasına çox böyük köməklik göstərən bir sənəd kimi qiymətləndirilməlidir. Siz bilirsiniz, Sloveniya Avropanın düz mərkəzində yerləşən ölkələrdən biridir. Sloveniyanın keçdiyi yol, onun təcrübəsi Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir. Bilirsiniz ki, Sloveniya Avropa Birliyi, NATO və başqa təşkilatlarla münasibətlərin qurulmasında xüsusi təcrübəyə malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan–Sloveniya münasibətləri bizim üçün çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, Sloveniya və şəxsən onun Prezidenti cənab Danilo Türk Azərbaycanın “Şərq Tərəfdaşlıq Proqramı”nda iştirakına xüsusi dəstək verir və bu da bəyannamənin qiymətini ikiqat artırır.
Təbii ki, bu münasibətləri yüksək səviyyədə təşkil etmək üçün hər iki ölkənin siyasətlə məşğul olan vətəndaşlarının bu ölkələrə gediş-gəliş problemlərinin aradan qaldırılması istiqamətində addımlar atılmalı idi. Ona görə də ikinci sənəd birinci sənədin məntiqi ardıcıllığını təşkil edir. Bu sənədi qəbul edəndən sonra diplomatik pasportlara malik olan şəxslər Sloveniyaya və Sloveniyanın diplomatik pasportlara malik olan şəxsləri Azərbaycana maneəsiz, vizasız gəlmək imkanı əldə edəcəklər. Hər iki sənədi komitədə müzakirə etmişik və müsbət rəyimizi bildirmişik. Mən millət vəkillərindən xahiş edərdim, bu sənədlərə müsbət münasibət bildirsinlər.
Ziyafət müəllim, mən balaca bir arayış vermək istəyirəm. Bu gün fikir mübadiləsi zamanı hörmətli Mübariz müəllim Amerika Birləşmiş Ştatlarının Konqresində “erməni soyqırımı” ilə bağlı hazırlanan sənədə toxundu. Keçən dəfə Siz iclasda Xocalı soyqırımı ilə bağlı çox gözəl danışdınız. Bu gün Oqtay müəllim və Səfa müəllim Azərbaycanın ən faciəli hadisələri haqqında beynəlxalq təşkilatlarda qəbul olunan sənədlər haqqında çox geniş və ətraflı məlumat verdilər. Mən, sadəcə, hörmətli millət vəkillərinə 252 saylı sənədi göstərmək istəyirəm. Amerika Birləşmiş Ştatları Konqresinin dırnaqarası erməni soyqırımı ilə bağlı qəbul etmək istədiyi sənəd məndədir. Bu sənəd Azərbaycan dilinə də tərcümə olunub. Maraqlananlar buna baxa bilərlər. Sənəddə göstərilən heç bir məsələ həqiqətə uyğun deyil. Bununla bağlı bizim komitə öz münasibətini bildirib. Mən istəyərdim ki, yalnız millət vəkilləri deyil, Azərbaycanın sıravi vətəndaşları da bu sənədlə tanış olsunlar və görsünlər ki, erməni lobbisi nə dərəcədə güclü siyasət aparır və Türkiyəyə qarşı mövqeyini necə açıq şəkildə ortaya qoyur. Hər bir vətəndaşın, həqiqətin tərəfində dayanan vətəndaşların Amerika Konqresinə müraciəti çox vacib və əhəmiyyətlidir. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır. Bu, sadəcə, bir arayış idi, maraqlananlar bu sənədlə yaxından tanış ola bilərlər. Sağ olun.
Sədrlik edən. Səməd müəllim, çox sağ olun. Arayışa görə də çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti ilə Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında” Sazişə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
6-cı məsələ barədə Əli müəllim məlumat verdi. Xahiş edirəm, Mülki Məcəlləyə dəyişiklik və əlavə edilməsi haqqında məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verir. Buyurun, Vilayət müəllim.
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli millət vəkilləri, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2009-cu il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm. Bələdiyyələrin statusu ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların və digər normativ hüquqi aktların müddəaları, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının tələbləri nəzərə alınaraq illik məruzə, əsasən, iki istiqamət üzrə hazırlanmışdır: bələdiyyələrlə metodoloji iş və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət.
Diqqətinizə çatdırmaq istərdim ki, keçənilki illik məruzə Milli Məclisdə dinlənilərkən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və onların fəaliyyətinə inzibati nəzarətlə bağlı millət vəkilləri tərəfindən irəli sürülmüş təkliflər, səslənmiş fikirlər, tövsiyələr ümumiləşdirilmiş, təhlil olunmuş və nəzərə alınmışdır. Yerli özünüidarə orqanları demokratik quruluşun əsaslarından biri olmaqla dövlətin idarə edilməsində vətəndaşların iştirakını təmin edən çox mühüm vasitədir. Bələdiyyə quruculuğu ilə bağlı aparılan işlərin səmərəliliyi bütövlükdə həyata keçirilən siyasi, iqtisadi-sosial siyasətin nəticəsindən asılıdır.
Dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə Azərbaycan iqtisadiyyatında müsbət irəliləyişlər davam etmiş, nəhəng sosial-iqtisadi layihələr uğurla icra olunmuş, bütün sahələrdə müasir tələblərə cavab verən güclü infrastruktur yaradılmış, respublikamız dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.
Davamlı iqtisadi inkişaf, bütün sahələrdə əldə olunan böyük uğurlar dövlətimizin qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın gələcək inkişafına hesablanmış siyasi kursun, hərtərəfli yüksəlişin və demokratik inkişaf yolunun dönməzliyini və sarsılmazlığını bir daha təsdiq edir.
Əldə olunmuş iqtisadi artım bələdiyyələrin də inkişafı üçün mühüm zəmin yaradır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı və digər dövlət proqramlarının icra olunmasında, ölkədə geniş vüsət almış abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr fəal iştirak edir, insanların rifahının yaxşılaşması naminə səmərəli işlər görürlər.
2009-cu ildə ölkəmizdə yerli demokratiya və özünüidarənin inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bütövlükdə ötən il bələdiyyəçilik tarixi mühüm hadisələrlə zəngin olmuşdur. Mart ayında keçirilmiş referendumda Konstitusiyaya bələdiyyələrin müstəqilliyinə və onların yerli əhali qarşısında məsuliyyətinə dair yeni normaların daxil edilməsinin bələdiyyə idarəçiliyində böyük əhəmiyyəti vardır. Bu normalarda bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması kimi prinsipial məsələlər, habelə dövlət-bələdiyyə münasibətlərini tənzimləyən, eləcə də bələdiyyələrin fəaliyyəti barədə Milli Məclisə hesabatın təqdim olunmasına dair müddəalar öz əksini tapmışdır.
Bələdiyyələrin birləşmə prosedurunu sadələşdirən qanunun qəbul edilməsi yerli əhalinin və bələdiyyələrin birləşmə təşəbbüsünün əlverişli yollarla gerçəkləşməsinə real imkanlar yaratmışdır. Bunun nəticəsidir ki, ölkə üzrə 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 yeni bələdiyyə yaradılmışdır. Bütövlükdə bələdiyyələrin sayı ölkə üzrə xeyli azalaraq 1718 olmuşdur. Birləşmə məsələlərini tənzimləmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2009-cu il 19 sentyabr və 26 noyabr tarixli qərarlar qəbul edilmişdir. Həmin qərarlara uyğun olaraq Ədliyyə Nazirliyi üzrə 2009-cu il 15 dekabr tarixli əmrlə komissiyaların müvafiq rayonlar üzrə fərdi tərkibi təsdiq olunmuş, komissiya üzvləri təlimatlandırılmış və müvafiq təşkilati tədbirlər həyata keçirilmişdir.
Ölkəmizdə 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri çox böyük önəm daşıyır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Olduqca əlamətdardır ki, bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur. 2009-cu ildə Milli Məclisdə qəbul edilmiş Mənzil Məcəlləsində, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası qanunlarında bələdiyyələrin mənzil fondunun yaradılması, sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşlara bu mənzil fondundan yaşayış sahəsinin verilməsi, bələdiyyə təhsil müəssisələrinin yaradılması və idarə olunması, həmçinin yerlərdə idmanın inkişafı sahəsində bələdiyyələrin hüquq və vəzifələri təsbit edilmişdir.
Bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2009-cu ildə Ədliyyə Akademiyasında və Dövlət İdarəçilik Akademiyasında 14 ixtisasartırma kursu təşkil olunmuş, nazirliyin əməkdaşları tərəfindən 289 nəfər bələdiyyə üzvünə, qulluqçusuna müxtəlif mövzular üzrə mühazirələr oxunmuşdur.
Bununla yanaşı, il ərzində 43 seminar təşkil olunmuş, 3545 nəfər bələdiyyə üzvü və qulluqçusunun bu seminarlarda iştirakı təmin edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası istiqamətində bir sıra tədbirlər görülmüş, o cümlədən bələdiyyə üzvləri və qulluqçuları üçün keçirilmiş 19 seminarda şəffaflıq və korrupsiya problemlərinə dair mühazirələr oxunmuş, ayrı-ayrı bələdiyyələrə 560 tövsiyə göndərilmiş, 3 metodik vəsait hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanına uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodiki yardımın yaxşılaşdırılması məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyət göstərmələri üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq müasir ədliyyə infrastrukturunun yaradılması, maddi-texniki bazasının gücləndirilməsi üzrə görülən tədbirlər çərçivəsində regional ədliyyə şöbələrinin işinin yüksək səviyyədə qurulması, onların zəruri iş şəraiti ilə təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Artıq Şəki, Şirvan və Gəncə regional ədliyyə şöbələri üçün müasir tipli yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir və bu istiqamətdə işlər davam etdirilir.
“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə 2009-cu il 7 iyul tarixli əmrlə konkret tədbirlər müəyyən edilmişdir. Həmin tədbirlərdə korrupsiya hüquqpozmaları ilə bağlı vətəndaşların müraciətlərinin ümumiləşdirilməsi, təhlillər aparılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi üzrə qanunçuluğun möhkəmləndirilməsi, maarifçilik işinin yaxşılaşdırılması və bu kimi başqa mühüm məsələlər nəzərdə tutulmuşdur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və onun səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır. Ədliyyə Nazirliyinin 2009-cu il 19 fevral və 4 aprel tarixli kollegiya iclaslarında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, yerli özünüidarə orqanları tərəfindən yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin tətbiqinə diqqətin artırılması, metodiki işin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinin işinin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
İnzibati nəzarət həyata keçirilərkən “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasında və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda müəyyən edilmiş prinsiplərə ardıcıl əməl olunması, inzibati nəzarətin səmərəliliyinin təmin edilməsi başlıca vəzifələrdəndir.
2009-cu il ərzində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21 mindən artıq akt göndərilmişdir. Bu aktların 333-ü nazirliyin təklifi əsasında ləğv edilmiş və ya dəyişdirilmişdir. 87 bələdiyyə aktının ləğvi üçün məhkəmələrdə iddialar qaldırılmışdır.
İnzibati nəzarətin icrası zamanı bir neçə bələdiyyənin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntuları aşkar edilmiş, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş və 23 fakt üzrə cinayət işi başlanmışdır. Həmin araşdırmalar üzrə 16 milyon manatdan çox maliyyə pozuntusu aşkar edilmişdir. Bu qanun pozuntularına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 313-cü və digər maddələri ilə cinayət işi başlanmışdır.
Göstərilən cinayət işləri üzrə bələdiyyə sədrlərinin bəziləri məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, islah işlərinə və cərimə cəzalarına məhkum olunmuşlar. Bir sıra işlər üzrə istintaq davam etdirilir.
Fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 674 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir. İnzibati nəzarətin icrası zamanı aşkar edilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 872 tövsiyə göndərilmişdir.
2009-cu il ərzində 484 hektar torpaq sahəsinin xüsusi mülkiyyətə, 4294 hektar torpaq sahəsinin icarəyə, 291 hektar torpaq sahəsinin istifadəyə qanunsuz olaraq verilməsi haqqında bələdiyyə qərarları nazirliyin təklifləri əsasında bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində qanunsuz ayrılmış 5071 hektar torpaq sahəsinin bələdiyyələrə qaytarılması təmin olunmuşdur.
2007–2008-ci illərdə bəzi istisnalar nəzərə alınmaqla bələdiyyə torpaqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qanunlar qəbul edilmişdir. Hərrac və müsabiqələrin keçirilməsində təcrübələrin olmamasına görə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə bir çox seminarlar təşkil edilmiş, üç metodik vəsait hazırlanaraq bələdiyyələrin istifadəsinə verilmişdir. Bütövlükdə hərrac və ya müsabiqələrin keçirilməsi məsələləri 24 seminarın gündəliyinə daxil edilmişdir.
Bələdiyyə torpaqlarının hərrac və müsabiqələr vasitəsilə mülkiyyətə və icarəyə verilməsi ilə bağlı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bir sıra hallarda torpaq sahəsi vətəndaşların mülkiyyətinə satılarkən qiyməti bazar məzənnəsinə uyğun olmamış, satışı qanunvericiliklə qadağan olunan torpaq sahələri bələdiyyələr tərəfindən hərraca və ya müsabiqəyə çıxarılmışdır.
Bu və ya digər pozuntular barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Hərrac və Müsabiqə Komissiyasına məlumat verilərək onların aradan qaldırılması, eləcə də bəzi hərrac və müsabiqələrin nəticələrinin ləğv edilməsi təşkil olunmuş, bütün bələdiyyələrə hərrac və müsabiqə qaydalarına, torpaq qanunvericiliyinə əməl olunması barədə tövsiyə göndərilmiş, üç hərrac və müsabiqənin nəticələrinin ləğvi barədə məhkəmədə iddialar qaldırılmışdır.
Yerli vergi və ödənişlərin bələdiyyə büdcəsinin formalaşmasında mühüm önəm daşımasına baxmayaraq, onların yığılmasında problemlər hələ də qalmaqdadır. Bir sıra bələdiyyələrdə gedən ayrı-ayrı vergi dərəcəsi çox aşağı olmuş və ya yığılmamışdır. Sanatoriya-kurort ödənişlərinin alınmasında da passivlik olmuşdur.
“Yerli vergi (bələdiyyə) və ödənişlər haqqında” Qanuna görə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər, ixtisaslaşdırılmış avtomobil dayanacaqları, bütün növ nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqları üçün ödənişlər bələdiyyə büdcəsinin tərkib hissəsinə daxildir. Müəyyən edilmişdir ki, uzun müddət həmin ödənişlərin bələdiyyələr tərəfindən yığılması təmin olunmamışdır. Bu problemin aradan qaldırılması və qanunsuzluğun qarşısının alınması məqsədi ilə bələdiyyələrə Ədliyyə Nazirliyi tərəfindən müvafiq tövsiyə verilmiş və başqa tədbirlər görülmüşdür. Hazırda bu məsələ qanunvericiliyə uyğun tənzimlənir.
Bələdiyyələrin milli assosiasiyasının fəallığı daha da artmış, onların təşəbbüsü və ya iştirakı ilə bir çox tədbirlər keçirilmişdir. Milli assosiasiyaların nümayəndələri hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə sıx əlaqədə işləmiş, bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirələr aparmışlar.
Bələdiyyələrin Milli Assosiasiyaları və “İrəli” İctimai Birliyi tərəfindən 2009-cu ilin oktyabr-noyabr aylarında bələdiyyə seçkilərinə vətəndaşların marağını və hüquqi biliklərini artırmaq məqsədi ilə respublikanın 56 şəhər və rayon mərkəzində “Yerli Demokratiya Həftəsi” keçirilmişdir. Həftə çərçivəsində müxtəlif mövzularda çoxsaylı maarifləndirici təlimlər həyata keçirilib.
Yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə əlaqələrin inkişaf etdirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə mühüm əhəmiyyət verilərək, bir sıra beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirilmiş, beynəlxalq tədbirlərdə iştirak edilmiş, aktual məsələlər üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun təkliflər irəli sürülmüşdür.
Hörmətli millət vəkilləri, yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclis tərəfindən həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyətini qeyd etməklə aşağıdakı təklifə də baxılmasını xahiş edirik. Qanunvericiliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara və bu kateqoriyadan olan digər şəxslərə fərdi yaşayış evinin tikintisi üçün bir dəfə pulsuz torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Humanitar ehtiyacdan irəli gələn bu göstərişlərin icra edilməsində qanunvericilikdə boşluq və ziddiyyətli məqamların olmasına görə bir sıra çətinliklər vardır. Ona görə də “Hərbi qulluqçuların statusu haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnaməyə müvafiq dəyişiklik və əlavələrin edilməsini xahiş edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim. Əyləşin, zəhmət olmasa. Hörmətli deputatlar, mən bir məsələni demək istəyirəm. Vilayət müəllimin məruzəsini biz indi, sözsüz ki, müzakirə edəcəyik. Bundan sonra gündəliyimizdə bir qanun layihəsi qalır. Hörmətli Yevda müəllim, hörmətli Hadi müəllim xahiş edirlər ki, əgər mümkünsə, iclasımızı fasiləsiz davam etdirək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edək. Müzakirələrə başlayırıq. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı təqdim edilən illik məruzə həm Azərbaycanın mövcud qanunvericiliyinə, həm də “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasına uyğun surətdə kifayət qədər savadlı, sanballı tərtib edilib. İki istiqamət – bələdiyyələrin fəaliyyətinə metodoloji yardım, bir də, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət məsələsi, hesab edirəm ki, bir-birini tamamlayan şəkildə, kifayət qədər normal qurulub.
Bu sənədi təhlil edən zaman görürük ki, bələdiyyələrin fəaliyyətini üç qrupa ayırmaq olar. Maliyyə imkanlarının məhdud olmasına baxmayaraq, həmin imkanlardan istifadə edərək, qarşılarında duran öhdəlikləri kifayət qədər normal səviyyədə yerinə yetirən, orta səviyyədə olan, eyni zamanda, özləri üçün işləyib, pis fəaliyyət göstərən bələdiyyələr. Pis fəaliyyət göstərən bələdiyyələr haqqında isə bilavasitə bələdiyyələrin fəaliyyətinə dair inzibati nəzarət hissəsində kifayət qədər məsələlərə baxılmışdır. Bu zaman həyata keçirilən təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində, əsasən, bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özəlləşdirilməsi, bələdiyyə mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyanın vurulması, mühasibat uçotunun qanunsuz aparılması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmazlığı və sair bu kimi istiqamətlərdə olan yarıtmazlıqlar məruzədə öz əksini tapmışdır.
Eyni zamanda, qeyd edim ki, əvvəlki məruzələrdən fərqli olaraq, burada bir müsbət məqam var. Deputatların, şəxsən mənim irəli sürdüyüm bir sıra təkliflər burada öz əksini tapıb. İllər üzrə dinamika verilib. Qabaqlar yalnız bir ilin məlumatları verilirdi, indi özündən əvvəlki ilin də dinamikası verilməklə, son illərdə bilavasitə bələdiyyələr tərəfindən ədliyyə orqanlarına göndərilən aktların, prokurorluq orqanlarına göndərilən materialların dinamikası, qanun pozuntularına yol vermiş bələdiyyə sədrlərinin sayı ilə, qanunsuz olaraq xüsusi mülkiyyətə verilən torpaqlarla bağlı dinamika verilmişdir. Hesab edirəm ki, bunlar çox vacibdir və bunlarla əlaqədar suallar ortaya çıxır.
Hesab edirəm ki, indi olmasa da, növbəti məruzələrdə prokurorluq orqanından da göndərilən materialların 2007-ci ildə 25, 2008-ci ildə 15, 2009-cu ildə isə 23 olmasının səbəblərinin araşdırılması vacibdir. Qanun pozuntusuna yol vermiş bələdiyyə sədrlərinin sayının 2007-ci ildə 309, 2008-ci ildə 421, 2009-cu ildə 674 olması, xüsusi mülkiyyətə verilən torpaqlar bələdiyyələrin fəaliyyətində çox ciddi xarakter daşıyan məsələlərdir. Bunların da araşdırılmasına ehtiyac var.
Çıxışımın təkliflər hissəsinə keçirəm. Avropa Xartiyasından çıxış edərək bələdiyyələrin müstəqilliyinin artırılması istiqamətində işlər gücləndirilməli, bələdiyyələrin fəaliyyətinə mane olan amillərin, bələdiyyələrlə bağlı qanunvericiliyin monitorinqi keçirilməlidir. Qanunların təkmilləşdirilməsi, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülməlidir. Bələdiyyələrlə bağlı keçirilən referendumun nəticələri, qanunla onlara verilən əlavə səlahiyyətlər mütləq nəzərə alınmaqla, bələdiyyələrlə hökumət, bələdiyyələrlə Milli Məclis, yerlərdə bələdiyyələr və deputat köməkçiləri arasında münasibətlərin yenidən qurulmasına ehtiyac var. Aldığımız müraciətlərin çoxu xeyli dərəcədə bələdiyyələrə aid məsələlərdir. Bu məsələləri deputat köməkçiləri ilə bələdiyyələrin birgə həll etmələri vacibdir.
Burada verilən statistikaya görə bələdiyyələrdə gənclərin və qadınların sayı artıb. Mən bunu müsbət hal hesab edirəm. Bələdiyyələrin bilgisayar texnologiyası ilə təminatı gücləndirilməlidir, işlərin kompüterləşdirilməsi, hesab edirəm ki, çox vacibdir. Gənclər buna daha həvəslə qoşulurlar. Bir də, bələdiyyələrin kütləvi informasiya vasitələri ilə işi intensiv...
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, müzakirəyə təqdim olunmuş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə ilə tanışlıq və bu barədə çıxışlar göstərir ki, 2009-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən çoxsaylı və səmərəli tədbirlər görülmüşdür. Təqdirəlayiq haldır ki, bu orqan bələdiyyələrin fəaliyyətində əsas, hərtərəfli, düzgün müəyyən edilən məsələlərə dair müxtəlif səviyyəli seminarlar keçirmiş və kütləvi informasiya vasitələrindən istifadə etməklə, bələdiyyə işçilərinin maarifləndirmə işini təşkil etmişdir. Məlumdur ki, bələdiyyənin son fəaliyyət istiqamətlərindən biri bələdiyyə mülkiyyətində olan torpaqların əhalinin mülkiyyətinə və icarəsinə verilməsidir. Bələdiyyə torpaqlarından istifadəyə dair qanunçuluq aktında son vaxtlar aparılan dəyişikliklər və bu qanunların tətbiqində mövcud olan çətinliklər nəzərə alınaraq, torpaqlarla bağlı bir çox məsələlərə dair metodik göstərişlərin hazırlanması və bələdiyyələrə verilməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Məruzədə diqqəti cəlb edən əsas məsələlərdən biri də bələdiyyələrin normativ aktlarına və digər aktlara nəzarətin genişləndirilməsidir. Həyata keçirilən nəzarət və araşdırmalar nəticəsində Ədliyyə Nazirliyinə təqdim edilmiş 20 min aktdan 333-ü ləğv edilmiş və ya dəyişdirilmiş, 87 bələdiyyə aktı ləğv edilmiş, məhkəmə iddiası qaldırılmış və 23 fakt üzrə isə cinayət işi başlanmışdır. Ümumilikdə, 16,1 milyon manat, o cümlədən bələdiyyələrə də 12,5 milyon manat, dövlət mənafeyinə isə 3,6 milyon manat ziyan vurulması müəyyən edilmişdir ki, bu da bələdiyyələrin fəaliyyətində ciddi nöqsanların olmasından xəbər verir. Hesab edirəm ki, bu nöqsan və çatışmazlıqları aşkar edib aradan qaldırmaq üçün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət artırılmalı və nəzarəti həyata keçirən orqanın imkanları genişləndirilməlidir.
Təqdim edilən məruzədən görünür ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi üçün bir çox qanun layihəsi hazırlanıb təqdim olunmuşdur. Həmin layihələrin qəbul edilməsi, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması bələdiyyələrin fəaliyyətinin daha şəffaf və səlahiyyətlərinin konkretləşməsinə imkan verəcəkdir.
Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətini dəstəkləyirəm və illik məruzənin qəbul olunmasına tərəfdaram.
Bununla yanaşı, nəzarət orqanının fəaliyyəti və illik məruzə ilə bağlı bəzi irad və təkliflərimi bildirmək istəyirəm. İlk öncə onu da qeyd etmək istəyirəm ki, nəzarət yalnız təqdim olunan normativ və digər aktların araşdırılması ilə bitməməlidir. Həmçinin bələdiyyələrin qanunçuluqda nəzərdə tutulan fəaliyyətlərinin nə dərəcədə yerinə yetirilməsi də əhatə olunmalıdır. Ona görə də bələdiyyələr yerli özünüidarəetmə sahəsində qarşısında duran vəzifələri yerinə yetirmək üçün səlahiyyətlərinə aid məsələlərin həlli ilə ciddi məşğul olmalıdırlar. Lakin bir çox hallarda biz bunun əksini görürük. “Bələdiyyələrin statusu haqqında” Qanunun 34-cü maddəsində göstərilir ki, bələdiyyələr öz tabeliklərində təsərrüfat hesabı ilə məşğul olan hüquqi şəxslər yarada bilərlər. Təəssüf ki, bələdiyyələr indiyə qədər ya bu məsələlərlə məşğul olmamışlar, ya da məşğul olmaları barədə heç bir məlumat yoxdur. Əgər kənd bələdiyyələrinin hər biri öz nəzdində hüquqi şəxs yaradarsa, onun istifadəsinə torpaq verərsə, bu, həm məhsul istehsalının artırılmasına, həm də bələdiyyələrin büdcəsinə xeyli dərəcədə xeyir gətirərdi.
Digər tərəfdən, bu hüquqi şəxslər həm öz məhsullarının, həm də ərazidə istehsal olunan digər kənd təsərrüfatı məhsullarının bazara çıxarılması, yerli istehsalçılara xidmətlərin göstərilməsi, aqrar sahədə indi problem olan məhsul satışı məsələlərinin həll edilməsi üçün imkan yaradardılar. Bu da istehsalatçıların gəlirlərinin artmasına, ucuz məhsul bolluğuna səbəb olardı. Hesab edirəm ki, nəzarət orqanı bu məsələnin həllində bələdiyyələrə lazımi kömək göstərməlidir. Bu sahədə ciddi nəzarəti, habelə kənd və şəhər bələdiyyələri assosiasiyaları arasında əlaqələndirməni həyata keçirməlidir. Kənd bələdiyyələri ilə şəhər bələdiyyələri kənd təsərrüfatı məhsullarının satışının təşkili haqqında müqavilə bağlamaqla bir-birlərinə kömək etməlidirlər. Bələdiyyələrin başlıca vəzifələrindən biri hazırda aqrar sahənin əsas istiqamətlərindən olan kənd təsərrüfatı korporasiyasının təşkilində fəal iştirak etmələri olmalıdır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli yer tutmalıdırlar. Bunun üçün bələdiyyələrin özlərinin...
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, mən birinci növbədə onu vurğulamaq istəyirəm ki, əgər söhbət bələdiyyələrin fəaliyyətinə nəzarət üzrə Ədliyyə Nazirliyində yaradılmış qurumun fəaliyyətini qiymətləndirməkdən gedirsə, heç bir problem yoxdur. Mənə elə gəlir ki, onlara ən yüksək qiyməti verməyə hazırıq. Şəxsən mən öz adımdan deyə bilərəm ki, bir neçə illər burada məruzələri təqdim edən Vilayət Zahirov, eyni zamanda, hörmətli Mehdi Səlimzadə çox təcrübəli insanlardırlar. Həqiqətən də, bələdiyyə sisteminin Azərbaycanın idarəçilik mexanizmləri içərisində özünə yer tapmasında çox böyük zəhmət çəkiblər, fəaliyyətləri var.
Doğrusu, mən müzakirə vaxtı bir məsələni aydınlaşdırmaq istəyirəm. Biz ötən il referendumda bələdiyyələrin parlament qarşısında hesabatını nəzərdə tutan müddəalar qəbul etdik və bu çox düzgün bir iş idi. Bu heç bir halda bələdiyyələrin işlərinə parlament tərəfindən hər hansı bir müdaxilə, onların səlahiyyətlərinin əlindən alınması, əvəzlənməsi və sair kimi də dəyərləndirilə bilməz. Bu, yerli demokratiyanın gücləndirilməsi üçün bir seçkili orqanın başqa seçkili orqanda məlumatlarının dəyərləndirilməsi, fəaliyyətinin qiymətləndirilməsi deməkdir. Onsuz da parlamentin fəaliyyəti də başa çatmaqdadır. Bu zaman dediyimiz müddəa gerçəkləşmiş olacaqdır. Bu birinci məsələ.
İkinci, biz ötən dövrlər ərzində bələdiyyə strukturlarının yerli idarəçilikdə, yerlərdə demokratiyanın təkmilləşdirilməsində mühüm bir yer tutması üçün müxtəlif addımlar atdıq. Burada qanunvericilik siyahısı da dərc olunub, müxtəlif təlimatlar hazırlanıb və sair. Ancaq hər kəs də bilir ki, cəmiyyətdə bələdiyyələrin fəaliyyəti sahəsində istədiyimizə nail ola bilməmişik. Bələdiyyələr hələ də öz yerlərini tapa bilməyiblər. Həm elə real həyatda, həm də idarəçilikdə. Elə burada da haqlı olaraq qeyd olunub ki, bir çox bələdiyyənin heç binası, konkret oturacaqları yer yoxdur. Ona görə biz bir məsələni dəqiqləşdirməliyik və buna tamamilə aydınlıq gətirilməlidir. Yerli komitələr yaradıldı, bələdiyyə assosiasiyaları formalaşdırıldı. Sonra bir sıra bələdiyyələri birləşdirmək qərarına gəldik və sair. Mən elə hesab edirəm ki, bugünkü gerçəklikdə bələdiyyə üzvlərinin sayı yenə də artıqdır.
Bizim Kolorado ştatına səfərimiz zamanı bəlli oldu ki, həmin ştatı cəmi iki bələdiyyə üzvü idarə edir. Amma bizim ən kiçik kəndlərimizdə belə, müəyyən saya malik bələdiyyələrimiz var. Bununla nə demək istəyirəm? Biz beynəlxalq bir model götürdük ki, Azərbaycanda demokratiya naminə mərkəzləşdirilmiş sistemdən çıxaq, xalq idarəçiliyini bərqərar edək, onlara geniş səlahiyyətlər verək. Amma hələ də istədiklərimizə nail ola bilməmişik. Niyə? Birinci, ona görə ki, biz prezident üsuli-idarəsinə malik olan bir ölkəyik. Bütün dönəmlərdə prezidentin hakimiyyəti qanunvericiliklə, Konstitusiya ilə güclü olacaqdır. Biz nə qədər çox arzulasaq da, ölkənin real idarəçilik sistemi imkan vermir ki, bələdiyyələrə bundan artıq səlahiyyətlər, mülkiyyət və əmlak verilsin.
Mən məsələyə belə yanaşıram. Biz bələdiyyələrin səviyyəsini beynəlxalq praktikaya yox, mənim aləmimdə, bizim qanunvericiliyin vəziyyətinə uyğunlaşdırmalıyıq. Bələdiyyələrin sayı bundan da aşağı olmalıdır. Belə olacağı təqdirdə idarəçiliyi bir az tezləşdirmək mümkündür. Bundan sonra büdcə siyasətində bələdiyyələrin ayağa qaldırılması imkanları formalaşa bilər. Məsələn, mən təklif edirəm ki, hər bir kreditləşmə və dövlət investisiyaları proqramlarında bələdiyyələrin fəaliyyəti üçün mühüm müddəalar nəzərdə tutulsun. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurası müəyyən layihələri elan edir, layihələr üzrə qalibləri seçir. Biz də bələdiyyələrə bu cür hüquqlar verməliyik. Yəni kreditləşmə siyasətində bələdiyyələrə xüsusi yer ayrılmalıdır. Mən məsələni belə görürəm.
Burada təkliflər səsləndi ki, bələdiyyələrin institutlar, məktəblər təsis etmək, yerli klinikalar yaratmaq və sair imkanları olmalıdır. Bunlar isə təkcə onların təşəbbüsündən və əhalinin onları maliyyələşdirməsindən də asılı deyil. Yenə dövlət ilk dövrdə bu istiqamətdə addım atmalıdır.
Mən görürəm, vaxtım başa çatır. Biz ötən iclasda bir qanun qəbul etdik. Bilmirəm, bu qanun artıq imzaya verilibdir, yoxsa yox? Bu qanun vəsaitin 50 faizini əmək haqqı kimi istifadə edən bələdiyyə sədrlərinin dəyişdirilməsi ilə bağlıdır. Ola bilsin ki, Bakı praktikasında bu müddəa işləsin. Amma rayonlarda həmin müddəa çox ciddi problemlər yaradacaq. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətini normal qiymətləndirirəm. Həmin orqana ən çox məktub yazan insanlardan biri kimi açıq deməliyəm ki, həmişə zamanında onlardan bu məktublara cavablar alırıq. Həmin cavablar bəzən ortaya çıxan problemlər ilə bağlı vətəndaşların hamısını qane etməsə də, hər halda Ədliyyə Nazirliyi əlindən gələni etməyə çalışır ki, sadə insanların bu istiqamətdə ortaya çıxan problemləri azalsın.
Mən, sadəcə, bir neçə məsələyə toxunmaq istəyirəm. Ölkədə keçirilən bələdiyyə seçkilərində qadınların və gənclərin rolunun artması, xüsusilə bələdiyyə üzvlərinin 26 faizini təşkil etməsi ölkəmiz üçün vacib məsələlərdən biridir. Bu da cənab Prezidentin ölkədə qadınların və gənclərin ictimai-siyasi həyatda rolunun gücləndirilməsinə verdiyi dəstəklə bağlıdır. Mənə elə gəlir ki, həm qadınların, həm də gənclərin bələdiyyədə rolunun artması bölgələrimizdə çox müsbət təsirlərini də göstərəcək.
Ədliyyə Nazirliyinin yüksək rütbəli əməkdaşları, bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın rəhbərliyi, bilirəm ki, həm Ədliyyə Akademiyasında, həm də Dövlət İdarəçilik Akademiyasında çoxlu sayda kurslar təşkil edirlər. Ümumiyyətlə, bələdiyyələrin maarifləndirilməsi məsələsini həddindən artıq genişləndirmək lazımdır. Yəni bir neçə günlük qısa seminarlarla deyil, daha geniş şəkildə və daha çox insanı əhatə etmək olar. Bu gün bölgələrdə rastlaşdığımız məsələlərdən biri ondan ibarətdir ki, bələdiyyə üzvləri bir çox hallarda öz işlərinin nədən ibarət olduğunu bilmirlər. Bu isə bir çox hallarda ciddi problemlər yaradır. Sonra həmin problemlər nəticəsində sadə insanlar əziyyət çəkirlər. Ona görə ən vacib məsələlərdən biri onların savadlanmasına, maariflənməsinə, bu istiqamətdə təhsilin daha da artırılmasına dəstək olmaqdır.
Bələdiyyə torpaqlarının hərraca çıxarılması, bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı bölgələrdəki bələdiyyələrimizdə problem var. Mən bayaq bəzi məsələləri də vurğuladım, onlara da aydınlıq gətiriləcək. Mən inanıram ki, bu istiqamətlər çox önəmlidir. Kənd yerlərində, bölgələrdə bunlar ən həssas məsələlərdir. Bələdiyyələr öz hüquq və vəzifələrini normal yerinə yetirsələr, insanların problemlərinin həllinə nail olarıq, narazılıq və problemlər də artmaz.
Burada bələdiyyələrin müstəqilliyinin artırılması ilə bağlı bəzi məsələlər vurğulandı. Məncə, ən vacib məsələ icra strukturları ilə bələdiyyələrin iş bölgüsünün konkretləşdirilməsidir. Burada müəyyən məsələlər ortaya çıxır, bu da problemlər yaradır. Ümumilikdə görülən işlər göstərir ki, gələcəkdə bu istiqamətdə müsbət nəticələr əldə edə biləcəyik.
Ziyafət müəllim, mən bir məsələyə toxunmaq istəyirəm. Burada Mübariz müəllim bu məsələni qaldırıb. Mən onun təklifini dəstəkləyirəm. Siz də keçən dəfə bu məsələyə çox ciddi şəkildə toxunmuşdunuz. Mən də hesab edirəm ki, 24 aprel öncəsi parlament tərəfindən bir qrupun Amerika Birləşmiş Ştatlarına göndərilməsi yaxşı olardı. Amerika konqresində “Azərbaycan dostları” qrupu üzvlərinin sayı artır. Biz 24 aprel qabağı onlara da müraciət edək. Səməd müəllim həmin sənədi nümayiş etdirdi. Əgər həmin sənədə baxsa, hər bir millət vəkili görər ki, belə bir sənədin qəbul edilməsinin Azərbaycan üçün çox böyük mənfi nəticələri ola bilər. Ona görə də “Azərbaycan dostları” qrupuna müraciətimizi, bu sahədə fəaliyyətimizi bir az da sürətləndirməliyik. Həmin sənədin keçməməsi üçün əlimizdən gələni etməliyik. Mən buradan Amerikadakı insanlarımıza müraciət edirəm. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanımın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası keçirilir, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı böyük işlər görülür. Amma çox önəmlidir ki, bizim oradakı soydaşlarımız da bu məsələlərdə fəal olsunlar.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağlı 2009-cu il üzrə nəzarət edən orqanın hesabatını dinlədim. Məndən öncə çıxış edən həmkarlarım kimi mən də qeyd etmək istəyirəm ki, bu orqanın fəaliyyətini yüksək qiymətləndirirəm. Mənə edilən şikayətlərlə bağlı mənim də bu quruma müraciətlərim olub. Hər dəfə mən operativ araşdırmanın şahidi olmuşam.
Mən indi diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Ola bilər ki, bu, ötən illərdən qalmış bir məsələdir, problemdir. Amma bu problem həll olunmur, öz aktuallığını saxlayır. Mən çox istərdim ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın nümayəndələri də burada iştirak etdiklərinə və bütövlükdə Milli Məclisin həmin məsələdə iştirakını vacib saydığıma görə bu məsələyə diqqət yönəldim. Problem ondan ibarətdir ki, bələdiyyələr yarandığı gündən, demək olar, son illərə qədər bir sıra insanlara yaşayış evi tikmək üçün torpaq sahələri satılıbdır. Bu insanlar bütün maddi resurslarını, imkanlarını toplayaraq özlərinə balaca bir ev tikiblər və neçə illərdir ki, həmin evlərdə yaşamaqda davam edirlər. Bu evlərdə yaşadıqlarına görə onlar sərf etdikləri enerjiyə uyğun pul, bütün vergiləri ödəyirlər. Onların bu ödəmələrlə bağlı əllərində sənədləri var.
Çox təəssüf ki, 2008-ci ildə Sabunçu və səhv etmirəmsə, Binəqədi rayonlarında belə problemlər oldu. Ötən il isə Səbail rayonunda çox ciddi problemlər oldu. Məlum oldu ki, Dövlət Neft Şirkətinə məxsus ərazilər bələdiyyələr tərəfindən qanunsuz olaraq insanlara satılıb. Dövlət Neft Şirkəti də uzun bir müddət, neçə illər keçəndən sonra bu ərazilərin boşaldılması qənaətinə gəlib. Amma məsələ bundadır ki, sıravi vətəndaşların, sadə insanların haqqı, hüququ pozulur. Çünki onlar bu evi, balaca daxmanı tikmək üçün, bir daha deyirəm, bütün maddi imkanlarını, resurslarını işə salıblar. İndi həmin insanlara heç bir kompensasiya, ödəmə vermədən və yeni ev tikmək üçün torpaq sahəsi ayırmadan küçəyə atmaq, düşünürəm ki, çox böyük insafsızlıq, ədalətsizlik olar. Bu, insanları faktik olaraq narazı salmaq deməkdir. Ona görə də həmin insanların problemlərinə çox diqqətlə və həssas yanaşmağın vacib olduğunu da qeyd etmək istəyirəm.
Çox istəyərdim ki, bu insanların probleminin həll olunması üçün uyğun bir yol tapılsın. Düşünürəm ki, bu insanlardan daha çox həmin torpaq sahələrini onlara satan məmurlar məsuliyyət daşıyırlar. Cəzalandırmaq lazımdırsa, birinci növbədə həmin məmurlar cəzalandırılmalıdırlar. Aydın məsələdir ki, hətta bir otaqlı olsa belə, balaca bir evin tikintisi ən yaxşı halda 2-3 ay vaxt aparır. Bütün bunlar müvafiq icra strukturlarının, hüquq mühafizə orqanlarının gözü qarşısında baş verib. Əgər doğrudan da, bu, qanunsuz idisə, lap əvvəldən, ilk gündən bunun qarşısını almaq lazım idi. Bu qədər vaxt keçdikdən sonra insanları kompensasiyasız çölə atmaq, düşünürəm ki, insafsızlıqdır. Bu məsələdə bir az da insan amilini nəzərə alaraq bir daha deyirəm, məsələyə çox həssas yanaşmaq lazımdır. Çox istərdim ki, Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq qurumun nümayəndəsi çıxışında bu məsələyə diqqət yetirsin. Çox istərdik ki, bu problemin həllində onların tutduqları mövqe barədə məlumat verilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən pafoslu çıxış etmək niyyətində deyiləm. Konkret olaraq, hesabata münasibətimi bildirmək, sonra isə bəzi müddəalarla bağlı bir-iki təklifimi demək istəyirəm. Əvvəla, bəziləri buraya bələdiyyə institutundan gəliblər. Ziyafət müəllim, onlardan biri də mənəm. Bu institutun bütün incəliklərini bilirik. Özü də çətin vaxtlarda bu instituta rəhbərlik etmişik. O vaxt istinad etməyə sənəd belə yox idi. Amma, inanın, həmin bələdiyyələrin fəaliyyətinin faydalı iş əmsalı bəlkə də bugünkü bələdiyyələrdən çox idi. Qanunlar nə qədər çox olsa da, bələdiyyələr öz iş üsullarını, prinsiplərini müasir zamanın tələblərinə uyğun qura bilmirlər.
Layihə çox gözəl hazırlanıb. Əli müəllim statistik rəqəmlərlə onun inkişaf dinamikasını dedi. Zahid müəllim də bir sıra problemlərin yaxşılığa doğru getdiyini, habelə çatışmazlıqları göstərdi. Mən çıxışlarımın birində, yəni keçən il yox, ondan qabaqkı il belə bir fikir söylədim ki, indiyə qədər Azərbaycan vətəndaşı, o cümlədən mən həm millət vəkili, həm də Azərbaycan vətəndaşı kimi Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin işlərini hansı model üzərində qurduğunu bilmirəm. Bu, Almaniya modelidir, yoxsa Türkiyə modelidir? Bu modellərlə az-çox tanış olan insanlar bir daha əmin ola bilərlər ki, bu modellərə oxşarlığımız var. Amma tam olaraq hələ biz buna yönələ bilməmişik.
Ziyafət müəllim, televiziyada uzun illər bələdiyyə rubrikası var idi. Yaxşı iş təcrübəsi olan bələdiyyələr televiziyada çıxış edirdilər və onların iş təcrübəsi yayımlanırdı. Çox təəssüflər olsun ki, bunlar da televiziyadan çəkilib getdilər. Mehdi müəllim çox gözəl insandır, mən onunla çoxdan tanışam. O mənim iş üslubumla bələdiyyədə işlədiyim vaxtdan tanışdır. Həmişə bizim işimizi qiymətləndirib. Bu gün bu qurumun Azərbaycanda çox böyük statusu, çox böyük hörməti var. Çünki bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasından yerlərə təyin olunmuşduq. Biz xalqın içərisində olmuşuq və bilirik ki, bu qurum çox iş görüb.
Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin bütün müvəffəqiyyətləri üçün, onun bir instituta çevrilməsi üçün ilk növbədə biz ulu öndərə borcluyuq. Onun siyasi iradəsi, təkidi olmasaydı, Azərbaycanda bələdiyyələr bir sıra respublikalarda olduğu kimi, yarandığı kimi həyatdan çəkilərdi. Bu mənada həm Milli Məclisin komitəsinə, həm də Ədliyyə Nazirliyinin şöbəsinə minnətdar olmalıyıq ki, Azərbaycanda bu institutun nailiyyətlər əldə etməsində onların böyük rolu var.
Bir müraciəti də Mehdi müəllimə məlumat kimi demək istəyirəm. Bir sıra bələdiyyələrin möhürlərində Azərbaycanın gerbi var, amma bir sıra bələdiyyələrin möhürü gerbsizdir. Bu məsələyə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bütün qanunvericilik aktlarımızda da göstəririk ki, bələdiyyə ictimai qurumdur. Mənə elə gəlir ki, bələdiyyəni bir ictimai qurum kimi, həmkarlar şöbəsinin filialı kimi, qeyri-hökumət təşkilatı kimi sadalayırıqsa, bələdiyyənin otağında Azərbaycan dövlətinin rəmzləri, gerbi, bayrağı olmalıdır. Sabah bələdiyyələrə mənzil istismar sahələrinin səlahiyyətlərini vermək istəyirik. Əgər biz türk modeli ilə gedəcəyiksə, sabah bələdiyyələrə VVAQ şöbəsinin funksiyalarını da verəcəyik. Onda dövlət adından çıxış edən bu qurumun, doğrudan da, möhüründə dövlət rəmzləri və ya dövlətin gerbi olmalıdır. İlk anda belə sadə görünən bu məsələlərə fikir vermək lazımdır. Nəhayət, Ziyafət müəllim, nə qədər çıxış etsək də, çıxışlarımız biri-birinin təkrarı olacaq. Məncə, bələdiyyə inkişafdadır.
Sədrlik edən. Mən də hesab edirəm ki, Yevda müəllimin təklifi çox yerinə düşür. Çünki başa düşdüm ki, məruzə ilə əlaqədar bir problem yoxdur, məruzə çox gözəl təqdim olunub və çıxış edənlərin əksəriyyəti məruzəni qəbul edir. Sizin qaldırdığınız məsələlərə gəlincə, təbii ki, onlar tədricən həll olunacaq. Bələdiyyələrlə bağlı qanunlara biz əlavə və dəyişikliklər edirik, yəni onda da bu məsələləri qaldırmağa imkanımız olacaq. Əgər etiraz etmirsinizsə, təklifi səsə qoyum? Bizim qanunumuza görə biz bu hesabatı nəzərə almalıyıq. Xahiş edirəm, hesabatın nəzərə alınmasına münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Vilayət müəllim, təbrik edirəm, gedə bilərsiniz.
Növbəti məsələ İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İkinci oxunuşdur. Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev məlumat verir.
M. Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Milli Məclisin 2009-cu il dekabrın 25-dəki iclasında İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərək birinci oxunuşda qəbul olunmuşdur. Layihənin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən hörmətli millət vəkilləri Fazil Mustafa, Gövhər Baxşəliyeva, Nizami Xudiyev, Fuad Muradov və Qənirə Paşayeva qanun layihəsinin ölkəmizdə bu təhlükəli infeksiyanın qarşısının alınması sahəsində mühüm hüquqi baza olacağını vurğulamış, bu qanunun qəbul olunmasının əhəmiyyətini qeyd etmiş, onun daha da təkmilləşdirilməsinə xidmət edən bir sıra dəyərli təkliflər söyləmişlər. Layihəylə bağlı çıxış edən deputat həmkarlarıma təşəkkür edərək bildirmək istəyirəm ki, qanun layihəsi ikinci oxunuşa hazırlanan zaman birinci oxunuşda söylənilən təkliflər diqqətlə araşdırılmış və mümkün olan dərəcədə nəzərə alınmışdır. Qısa olaraq birinci oxunuşdan sonra qanun layihəsinin üzərində aparılmış işlər barədə məlumat vermək istərdim.
Belə ki, çıxış edən deputat həmkarlarımızın hamısı HIV infeksiyası ilə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyi məsələsini vurğulamış və bunun layihədə əksini tapmasını təklif etmişdilər. Bu məqsədlə 5-ci maddəyə müvafiq əlavə və dəyişikliklər edilmişdir.
Ən çox müzakirə mövzusu dövlət və ictimai teleradio yayımçıları tərəfindən HIV infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtının ayrılması ilə bağlı maddə olmuşdur. Çıxış edən deputat həmkarlarımız, xüsusilə Qənirə Paşayeva həm bu müddətin daha da artırılmasını, həm də digər yayımçılara, yəni özəl yayımçılara da bu müddəanın aid edilməsini və bu verilişlərin daha əlverişli zamanda yayımlanmasını təklif etmişlər. Qeyd etmək lazımdır ki, layihədə bu tipli verilişlərin yayımına maksimum hədd qoyulmayıb. Hər bir yayımçı, o cümlədən ictimai və dövlət yayımçısı istədiyi qədər müddət ayıra bilər. Lakin bu norma imperativ norma olaraq dövlət və ictimai teleradio yayımçısının HIV infeksiyasının profilaktikası məqsədilə ayırdığı müddətin minimal həddini nəzərdə tutur. Hesab edirik ki, efir vaxtının kifayət qədər bahalı olduğunu, özəl televiziyaların özünü maliyyələşdirmə prinsipi ilə işlədiyini, eyni zamanda, maarifləndirici verilişlərə ehtiyac duyulan digər çoxsaylı xəstəliklərin və sosial problemlərin olduğunu nəzərə alsaq, bu normanın digər yayımçılara aid edilməsi və həmin müddətin artırılması məqsədəuyğun olmazdı. Lakin bu maddənin gücləndirilməsi məqsədi ilə yayımçıların üzərinə həmin verilişləri daha əlverişli vaxtda yayımlamaq vəzifəsi qoyulur. Eyni zamanda, ümid edirik ki, özəl teleradio yayımçıları kifayət qədər insansevərlik və vətənpərvərlik nümayiş etdirərək belə aktual məsələyə həssaslıqla yanaşacaq və imperativ norma olmadan belə öz proqramlarına HIV infeksiyası ilə bağlı maarifləndirici verilişlər daxil edəcəklər.
İşçi qrupu qanunun ikinci oxunuşa daha təkmil variantda hazırlanması üçün layihə üzərində gərgin iş aparmış, aidiyyəti dövlət qurumlarının və mütəxəssislərin təklifləri əsasında layihədə bir sıra dəyişikliklər, üslub və redaktə xarakterli düzəlişlər edilmişdir.
Birinci oxunuşa təqdim olunan layihədən 11.2-ci maddə çıxarılmış və 11.1-ci maddədə “istənilən tibb müəssisəsində” sözləri “zəruri şəraitə, müvafiq tibbi avadanlığa malik olan istənilən tibb müəssisəsində” sözləri ilə əvəz edilmişdir.
11.10-cu maddəyə dəyişiklik edilmiş və HIV-lə yaşayan şəxs vəfat etdikdən sonra onun HIV-müsbət statusu haqqında məlumatların konfidensiallığının qorunması müddəası layihədə təsbit olunmuşdur.
18.1-ci maddə redaktə edilmişdir.
19.2-ci maddədə nəzərdə tutulur: “Tibb müəssisələri HIV-lə yaşayan qadınların doğuşla bağlı məsələlərdə könüllü qərarlar qəbul edə bilmələri üçün onları hərtərəfli məsləhətlərlə təmin edirlər”. Lakin bu məsləhətlər yalnız doğuşla deyil, həm də hamiləliklə bağlı ola bilər. Ona görə də “doğuşla” sözü “ hamiləlik və doğuşla” sözləri ilə əvəz edilmişdir.
22.1.1-ci maddə redaktə olunmuş, 22.2-ci maddədə “AIDS-in terminal mərhələsində” sözləri “HIV-in IV kliniki mərhələsində yanaşı xəstəliklərin inkişafı nəticəsində terminal vəziyyətdə” sözləri ilə əvəz edilmişdir.
23.1-ci maddədə “qan” sözündən sonra “qan komponentləri” sözləri əlavə edilmişdir.
Hörmətli millət vəkilləri, Sosial siyasət komitəsi adından İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşa hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirməklə yanaşı, ümid edirəm ki, layihənin müzakirəsi zamanı hörmətli deputatlarımız dəyərli təkliflərini verəcək və layihəni dəstəkləyəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Musa müəllim, sağ olun. Hörmətli deputatlar, bildiyiniz kimi, bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Prosedur qaydalarına görə müzakirəyə keçməzdən əvvəl qanun layihəsini əsas kimi qəbul etməliyik. Buyurun, münasibət bildirək, əsas kimi qəbul edək.
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Rafiq Məmmədhəsənov, buyurun.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bir həkim kimi bu qanun layihəsi ilə tanış olmuşam. Əvvəla, bu qanun layihəsini hazırlayanlara öz təşəkkürümü bildirmək istəyirəm. Lakin bəzi iradlarım var, onları demək istəyirəm. Qanunun 5.3-cü maddəsində göstərilir ki, “dövlət və ictimai teleradio yayımçıları HIV infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır”. Bu çox az vaxtdır. Camaat gözləyəcək ki, bir ayda 20 dəqiqəlik çıxış olacaq. Televiziyalarda xörək bişirirlər, şou proqramlar göstərirlər. Bu 20 dəqiqə çox azdır. Mən hesab edirəm ki, minimum, heç olmasa, 2 saat vermək lazımdır ki, özəl telekanallarda da istifadə olunsun. Bu, bəşəriyyətin bəlasıdır, xərçəng xəstəliyindən də geri qalmır. Mən həkim kimi hesab edirəm ki, hər iki xəstəliyin etimologiyası, mənşəyi birdir. Nə vaxt QİÇS xəstəliyinin müalicəsi tapılacaq, onda xərçəng xəstəliyinin də müalicəsi tapılacaqdır.
İkincisi, 5.2-ci maddədə “təhsil müəssisələrində gənclər arasında HIV infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası” və sair yazılıb. Burada konfidensiallaşdırılır, yəni çox məxfi saxlanılır. İnstitut rəhbərliyinin bunun haqqında heç bir məlumat verməyə ixtiyarı yoxdur. Bu uşağın valideyni var, valideyn bilməlidir. Heç olmasa, burada qeyd olunmalıdır ki, ailəsindən başqa heç kimə bu məlumatı vermək olmaz. Sabah qanun belə qəbul olunsa, sonra tələbənin birində QİÇS aşkar olunsa və bunun əsasında valideynə məlumat verilsə, o, məhkəməyə verə bilər. Çünki bu qanunda yazılıb ki, konfidensiallıq saxlanılmalıdır. Nəyə görə siz mənim valideynimə demisiniz? Xırda məsələlərdir, amma bunlar qeyd olunmalıdır.
Burada qeyd olunur ki, “təhsil proqramlarında HIV infeksiyası haqqında, yaxud zöhrəvi xəstəliklər haqqında məlumat verilməlidir”. Mən bildiyimə görə 8-ci sinifdə insan anatomiyasının fiziologiyası haqqında məlumat verilir. Burada qurbağanın quruluşunun kimə nə dəxli var? Proqramda onu qısaldıb, bu haqda məlumat vermək lazımdır ki, həm müəllimin, həm də gənclərin məlumatı olsun. Burada könüllü müayinə, mütləq tibbi müayinə, məcburi tibbi müayinə qeyd olunur. “Mütləq tibbi müayinə”nin nə olduğunu mən başa düşə bilmirəm. Könüllü tibbi müayinə var, məcburi tibbi müayinə var. Bəyənmədiyimiz sovet dönəmində xəstəxanaya girəndə orada sifilisə qarşı reaksiya yoxlanılırdı. Xəstədən, yaxud heç kimdən soruşulmurdu, hamısından analiz götürülürdü. İndi xəstəxanaya girəndə xəstədə HIV infeksiyası yoxlanmalıdır. Nə könüllülük? Yoxsa bu xəstəlik aləmi götürsün? Bunlara hələ bir medal da verək ki, bunlardan istifadə edin. Belə olmaz. Bu məcburidir. Necə ki, zöhrəvi xəstəliyə tutulanların hamısını məcburi müalicəxanalara aparırlar, eləcə də bu müayinə məcburi olmalıdır.
Burada 11.4-cü maddədə qeyd edirlər: “Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, istənilən mərhələdə HIV-ə tibbi müayinədən imtina etmək hüququna malikdir”. Hansı hüquqa malikdir? Bu adam xəstədir və məcburi müayinə olunmalıdır, yəni imtina etmək hüququ olmamalıdır. Belə məsələlərdən çox danışmaq olar. Ümumiyyətlə, qanun layihəsinə münasibətim müsbətdir, amma xahiş edirəm, mən deyən məsələlər nəzərə alınsın. Sağ olun.
Sədrlik edən. Sağ olun, professor, təşəkkür edirəm. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İnfeksion xəstəliklər arasında ən ciddi problemə çevrilən HIV pandemiyası öz miqyasını, təəssüf ki, bütün dünyada durmadan genişləndirir. Birləşmiş Millətlər Təşkilatının HIV üzrə birləşmiş proqramının və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər gün 6800-dən artıq insan bu xəstəliyə, bu infeksiyaya yoluxur və 5800-dən artıq insan isə AIDS səbəbindən vəfat edir. Statistika göstərir ki, 2007-ci ilin sonunda yer kürəsində HIV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edib və bunlardan 15,4 milyonu qadın, 2,5 milyonu isə uşaqdır. Məhz bu problemə diqqəti cəlb etmək üçün 1988-ci ildən etibarən dünyada hər il dekabr ayının 1-i AIDS-lə mübarizə günü kimi qeyd edilir. İlk dəfə bu bəla ilə beynəlxalq mübarizə günü həmin ildə reallaşan sammitdə bütün dünyanın səhiyyə nazirlərinin HIV məsələləri üzrə daha geniş informasiya mübadiləsindən sonra qeyd olunub.
HIV-lə beynəlxalq mübarizə gününün keçirilməsinin əsas məqsədi bu epidemiya ilə mübarizəyə dair qlobal hərəkatların gücləndirilməsinə kömək etməkdir. Azərbaycan da bu xəstəliyin qarşısının alınması ilə bağlı tədbirlər görmüş və həmin tədbirlər davam etdirilməkdədir. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunan “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (HIV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında” Qanun ilə görülən işlər öz müsbət nəticəsini verdi. Artıq HIV-lə mübarizə yeni bir mərhələyə daxil olduğu üçün bu gün İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac olmuşdur. Təbii olaraq, biz bu gün onu ikinci oxunuşda müzakirəyə çıxarmışıq.
Qanun layihəsi qanunvericilik texnikasının bütün tələblərinə cavab verməklə HIV-lə mübarizə konsepsiyasının əsaslarını müəyyən etmişdir. Layihənin əhəmiyyəti və aktuallığı barədə, təbii ki, söz deməyə ehtiyac yoxdur. Bu hər birimizə məlumdur. Mən layihə ilə diqqətlə tanış olarkən, həqiqətən, onun çox mükəmməl hazırlandığını gördüm. Əslində, mən peşəkar deyiləm, yəni səhiyyə işçisi deyiləm. Amma bir vətəndaş kimi və problemləri yaxından, uzaqdan təqib edən bir insan kimi bu qanunda mübahisəyə yer qalmadığını düşünürəm.
Sadəcə, qanun layihəsini oxuyarkən diqqətimi çəkən bir neçə məsələyə aydınlıq gətirilməsini xahiş edirəm. Məsələn, 8-ci maddənin 1-ci hissəsində göstərilir: “HIV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla” və s. Mənim üstündə dayanmaq istədiyim məsələ bu qəbildən olan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrdir. Yəni burada meyar nədən ibarətdir? Bunlar hansı peşə növləri və vəzifələrdir? Bunun daha əvvəl təsbit olunmuş bir forması varmı? Bəlkə mənim məlumatım xaricindədir? Hər hansı bir qanunla bu təsbit olunubmu? Yaxud hansı müəyyən bir aktla bu təsbit olunub? Konkret olaraq, HIV-ə yoluxan insan sənayenin, iqtisadiyyatın, idarəetmənin hansı sahəsində işləyə bilər, hansı sahəsində iştirak edə bilməz? Birinci sualım bununla əlaqədardır.
İkinci sualım tibbi müayinənin aparılmasının ümumi qaydaları haqqında 11-ci maddənin 9-cu hissəsi ilə əlaqədardır. Burada deyilir: “Şəxsə HIV-lə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir”. Niyə məhz məsul işçi bildirir? Əgər burada söhbət konfidensiallıqdan, məlumatın gizliliyinin qorunmasından, onun təminindən gedirsə, niyə xəstəyə ancaq məsul işçi bunu bildirməlidir? Gəlin, nəzərə alaq ki, təhlillər laboratoriyada aparılır və müayinə otaqlarından keçir.
Sədrlik edən. Jalə xanım, çox sağ olun. Xahiş edirəm, beş dəqiqə ərzində fikirlərinizi formalaşdırmağa çalışın. Qənirə xanım, Sizin sualınız var? Buyurun.
Q. Paşayeva. Ziyafət müəllim, mən elə çıxış eləməmək üçün suala yazıldım. Məni, sadəcə, bir sual maraqlandırır. Çünki keçən dəfə də bu mövzu müzakirə olunanda mən bu məsələni qaldırdım. Biz niyə “20 dəqiqə” yazırıq? Axı, 20 dəqiqə çox azdır. Mən düşünürdüm ki, bu artacaq. Amma yenə də 20 dəqiqə məsələsi qoyulur. Bayaq Rafiq müəllim çox gözəl dedi, televiziyalarımızda yeyib-içmək, çalıb-oynamaq verilişləri saatlarla vaxt aparır. Heç olmasa, dövlət və ictimai televiziya dövlətdən maliyyələşdirilir. Dövlət bu vəsaiti verir, maarifləndirmə missiyası da onların üzərindədir. Heç olmasa, 20 dəqiqə deyil, vaxtı xeyli artırmalıyıq. 20 dəqiqə təkcə bir verilişin zamanı deyil. Biz hələ sosial reklam çarxlarını, verilişləri demirik. Sabah deyə bilərlər ki, biz vaxtı 20 dəqiqə qoymuşuq. Ona görə də xahiş edirəm, biz bu zamanı ən azı saat yarım qoyaq. Bir ay ərzində saat yarım o deməkdir ki, bir aya cəmi iki proqram, yaxud üç proqram düşür. Ona görə də təkrar xahiş edirəm ki, biz bunu könüllülükdən daha çox, qanunla tənzimləyək.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Mən çox qısa çıxış edəcəyəm. Deyiləsi sözüm çoxdur, ancaq bu sahədə mütəxəssis olmadığıma görə bəzi xırdalıqları diqqətinizə çatdırmaq istəyirəm. Təsəvvür eləyin ki, biz Azərbaycan dilində hazırlanmış sənəddə yazaydıq: UNO (United Nations Organization). Sonra da kiçik hərflərlə yazırıq: birləşmiş millətlər təşkilatı. Bunu necə qəbul edərdik? Yaxud Beynəlxalq Valyuta Fondu, yəni IMF (International Monetary Fund) yazardıq. HIV nə deməkdir? Əgər bu nəyinsə qısaldılmış formasıdırsa, onda gərək Azərbaycan dilində qısaldılmış formada yazılsın. İnsan immunçatışmazlığı virusu. Gəlin, bunu belə də yazaq. Qanunu Azərbaycan vətəndaşı oxuyub, “HIV” sözünü Human ımmunodeficiency virus kimi tərcümə edəcəkdir. Belə məqamlar çoxdur.
Bir məsələyə də toxunmaq istəyirəm. 6-cı maddədə yazılır: “HIV infeksiyası ilə mübarizə üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti, qrantlar, icbari tibbi sığorta vəsaitləri... hesabına maliyyələşdirilir.” “Maliyyələşdirilə bilər” yazılsa, mənim fikrimcə, daha düzgün olardı. Çünki bu, məcburiyyət deyil. Cəlb eləyə bilərsiniz. Mənim fikrimcə, bunu da qəbul edərsiniz. Bir də xahiş edirəm, terminologiyaya fikir verək. “Konfidensial” sözünü Azərbaycan sözü ilə əvəz eləmək olmazmı? Yəqin ki, olar. “İnfeksiya” sözünü, “reabilitasiya” sözünü Azərbaycan sözü ilə əvəzləmək mümkündür. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Astan Şahverdiyev.
A. Şahverdiyev. Sağ olun, hörmətli Ziyafət müəllim. Əslində, Sədrin müavinindən sonra çıxış eləmək etik cəhətdən düzgün deyil. Amma söz verdiyinizə görə bir neçə kəlmə də mən demək istəyirəm. Deməli, qanunun adında, yəni “insanın immunçatışmazlığı virusu” ifadəsində, mənə elə gəlir ki, “insan” sözü artıqdır. Sadəcə, göstərmək olar ki, “immunçatışmazlığı”. Çünki digər sahədə hələ bu müəyyənləşdirilməyib.
Burada 4.0.1-ci maddədə belə yazılıb: “HIV infeksiyası ilə mübarizə üzrə Milli Strategiyanın və Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsi” çox maraqlı təklifdir. Dövlət proqramını başa düşürük, amma Azərbaycanda HIV daşıyıcıları kütləvi deyil. Ola bilsin, hələlik Milli strategiyanın hazırlanması bir qədər tezdir.
Bayaq Jalə xanım qeyd elədi, dünya üzrə HIV-ə yoluxanların təxminən 22 milyonu Afrikadadır. Digər bölgələrdə bu faiz çox aşağıdır. Sonra 4.0.9-cu maddədə yazılıb: “HIV infeksiyası ilə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə sisteminin təşkili”. “Monitorinq” sözü kifayətdir, çünki “monitorinq” həm tənzimləməni, həm də nəzarəti ehtiva edir. “Monitorinq” sözünün mənasını kim bilirsə, bu aydın görünür.
Növbəti təklifim təhsil müəssisələrində gənclər arasında HIV infeksiyası ilə mübarizə aparılması ilə bağlıdır. Burada yazılır: “Bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir”. Hansı tədris proqramlarından söhbət gedir? Hörmətli Rafiq müəllim izahat verdi ki, ali məktəblərdə buna bənzər dərs yoxdur. Bəlkə də belə bir fənnin nəzərdə tutulması düzgün olardı.
Növbəti məsələ bayaq burada səsləndi. 14-cü maddədə yazılır: “könüllü tibbi müayinə”, habelə “mütləq tibbi müayinə”. Həqiqətən, “mütləq” sözü mənə də yerinə düşməyən anlayış kimi gəldi. Məsələn, “nisbi mütləq”, “nisbi” olan yerdə “mütləq” sözü yerində olur. Amma burada könüllülükdən söhbət gedirsə, yəqin ki, “məcburi” sözü yerinə düşərdi. Çünki mən o fikrin tərəfdarıyam ki, qanunun yazılışı, qanunun dili bütün vətəndaşlar tərəfindən başa düşülən olmalıdır. Qanun təkcə onu yazanların anlaması ilə tamamlanmır. Bu iradlarımı deməklə bərabər, qeyd edim ki, həqiqətən, çox humanist bir qanundur, insana xidmət edir. Bu qanunun qəbul olunmasının lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, professor. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mən də hesab edirəm ki, çox vacib qanundur və sözsüz ki, ona səs verəcəyəm. Ancaq bəzi iradlarımı demək istəyirəm. Əvvəla, mən də qanunda istifadə olunan abreviatura ilə əlaqədar Valeh müəllimin dedikləri ilə tamamilə razıyam. Mənə elə gəlir ki, bu adlar Azərbaycan dilinə tərcümə olunmalıdır. Digər tərəfdən, 26.4-cü maddədə göstərilir ki, HIV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, HIV infeksiyasının laborator diaqnostikasını həyata keçirən, yoluxmuş materiallarla işləyən, diaqnostika üçün bioloji preparatlar istehsalı ilə məşğul olan şəxslərin əmək haqqına əlavələr müəyyən edilir və əlavə məzuniyyət verilir. Mən hesab edirəm ki, həmin insanlar bu işlə məşğul olarkən özlərini müəyyən qədər qoruya bilərlər. Çünki onlar hansı materialla işlədiklərini bilirlər. Ancaq bizim çox böyük həkim qrupu var ki, təcili yardımla məşğuldurlar. Bu insanlar təcili yardım göstərərkən yardım göstərdikləri insanın bu infeksiya ilə yoluxub-yoluxmadığını bilmirlər. Ona görə mən hesab edirəm ki, bu maddəyə təcili yardımla məşğul olan işçilər də əlavə olunsunlar.
Digər maddə ilə əlaqədar da fikrimi demək istəyirəm. Bu da penitensiar müəssisələrdə olan xəstələrlə əlaqədardır. 22.2-ci maddədə göstərilir ki, HIV-in IV kliniki mərhələsində olan xəstələr, yəni ölümcül vəziyyətdə, ən ağır vəziyyətdə olan xəstələr həmin müəssisədən buraxıla bilərlər. Doğrusu, mən bu barədə qəti fikir demək istəmirəm. Ancaq istərdim ki, bunu bir də fikirləşək. Ona görə ki, həmin insan müəssisədə yerləşirsə, onu ölüncəyə qədər izolyasiya eləmək imkanı var. Biz bunu buraxırıq. Faktiki olaraq, bu müəssisədə olan məhbusları qoruyuruq, amma azadlıqda olan insanları təhlükə altında qoyuruq. Mən hesab edirəm ki, bu maddəyə bir də baxılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsini çox vacib hesab edirəm. Mənim bir sıra təkliflərim var. Vaxtın azlığını nəzərə alaraq bilavasitə təkliflərə keçmək istərdim. Deməli, bu qanun “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HIV infeksiyası ilə) mübarizə haqqında” adlanır. Mübarizə vacibdir, amma bu xəstəliyin profilaktikası daha da vacibdir. Mən hesab edirəm ki, qanunun “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə və onun profilaktikası haqqında” adlandırılması daha məqsədəuyğun olardı. Mətndə də profilaktika məsələlərindən, ilk öncə, qarşıda duran ən böyük təhlükə kimi, adamların bu xəstəliyə, bu virusa yoluxmaması məsələsindən söhbət gedir. Ona görə də profilaktika önəmlidir və ona daha çox diqqət yetirməliyik.
Burada 4.0.3-cü maddədə qeyd olunduğu kimi, əhalinin HIV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi çox önəmli məsələdir. Yüksək riskli əhali qrupları arasında HIV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi də önəmlidir. Hər halda profilaktika məsələlərinə daha çox diqqət yetirilməlidir.
Mən də hesab edirəm ki, televiziyada infeksiyanın profilaktikası və maarifləndirilmə ilə əlaqədar ayda 20 dəqiqə vaxt ayrılması çox azdır. Dövlət və ictimai televiziyada mütləq daha çox vaxt ayrılması məqsədəuyğundur. Hətta bütün özəl kanallara da vəzifə kimi qoyulmalıdır ki, maarifləndirməyə müəyyən vaxt sərf eləsinlər. Çünki əhalinin sağlamlığı strateji əhəmiyyətli məsələdir və bu məsələyə böyük diqqət yetirilməlidir.
Sonra 7-ci maddədə HIV-lə yaşayan şəxslərin hüquqlarından bəhs olunur. 7.2.4-cü maddədə nikaha daxil olmaq və digər reproduktiv hüquqların həyata keçirilməsi qeyd olunur. Razıyam, humanizm baxımından belə bir cümlə salınmalıdır. Eyni zamanda, burada verilməlidir ki, nikaha daxil olmamışdan qabaq mütləq tibbi arayış təqdim edilməlidir. Ola bilsin ki, xəstəliyi gizlədib nikaha girər və bu sonra yeni-yeni fəsadlar verər.
8.2-ci maddədə yazılıb: “İşəgötürən işçinin HIV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır”. Humanizm baxımdan bəlkə də açıqlanmamalıdır. Eyni zamanda, həmin kollektivin digər üzvlərinin belə bir insanla yanaşı işləməsi, bu məlumatı bilməməsi nə dərəcədə doğrudur? HIV xəstəsinin hüquqlarını belə müdafiə edirik, amma onu əhatə edən insanların hüquqlarını məhdudlaşdırırıq və onların səhhətini bir qədər təhlükədə qoyuruq. Bu məsələyə diqqət yetirmənizi xahiş edərdim. 14-cü maddədə HIV-ə könüllü tibbi müayinədən, 15-ci maddədə isə HIV-ə mütləq tibbi müayinədən söhbət gedir. 14.2-ci maddədə yüksək riskli əhali qruplarına aid olan şəxslərin, hamilə qadınların və digərlərinin müayinəsinə tibb müəssisələrinin işçilərinin təşəbbüs göstərməsi qeyd olunur. Mən hesab edirəm ki, yüksək riskli əhali qrupları məhz 15-ci maddəyə daxil edilməlidir. Əgər biz bu xəstəliyin yayılmasını istəmiriksə, onlar vaxtaşırı mütləq tibbi müayinədən keçirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım, ilk növbədə, Sosial siyasət komitəsinə və həmkarım Musa müəllimə təşəkkürümü bildirirəm ki, müasir dövrün ən ciddi bəlalarından olan HIV infeksiyası ilə bağlı xüsusi bir qanun layihəsi işləyib hazırlayıblar və parlamentə təqdim ediblər. Təqdirəlayiq haldır ki, qanunun özündə humanizm ideyaları, bu xəstəlikdən əziyyət çəkən insanlara yardım göstərilməsi ideyası rəhbər tutulmuş və ondan az ziyanla çıxış yolları barədə müddəalar qeyd olunmuşdur. Amma ən vacib məsələ ondan ibarətdir ki, bizim qanunvericiliyimizdə şəxsi həyata hörmət, şəxsi həyatın sirrinin mühafizəsi kimi prinsiplərə riayət olunubdur. Ümumiyyətlə, hörmətli həmkarlarımın bu xəstəliyə düçar olmuş şəxslərə qarşı hər hansı bir məcburilik elementlərinin tətbiqi ilə bağlı fikirləri, düşünürəm ki, mənəvi baxımdan əsaslandırılsa da, qanunvericiliyin predmeti deyil. Qanunvericiliyin borcu, ilk növbədə, şəxsi həyatın qorunmasına yönəlməkdir, insan hüquqlarına hörmətlə yanaşmaqdır. Təsadüfi deyil ki, parlament tərəfindən Fərdi məlumatlar haqqında xüsusi bir qanun işlənib hazırlanıb. Eyni zamanda, bu qanunun tətbiqində həkimlərin bu cür məlumatları qoruması ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələləri də qeyd olunur. Musa müəllim, ona görə də mən hesab edirəm ki, şəxsi həyatın sirrinin mühafizəsinə, HIV-ə yoluxmuş şəxslərin müdafiəsinə yönəlmiş müddəalar tamamilə yerindədir.
5.3-cü maddə dövlət və ictimai teleradio yayımçılarına müəyyən bir öhdəlik qoyur. Düşünürəm ki, bu məsələ qanunvericiliyin vəzifəsi deyil. Ümumiyyətlə, Azərbaycanda dövlət televiziyası yoxdur. Azərbaycan Teleradio Şirkəti mövcuddur, onun da səhmlərinin cəmi bir qismi dövlətə məxsusdur. Biz qanunverici olaraq dövlət televiziyasına necə tapşırıq verə bilərik ki, hansısa verilişi efirə burax, yaxud buraxma. Hesab edirəm ki, ümumiyyətlə, bu maddə çıxarılmalıdır.
Nəhayət, Musa müəllim, 22-ci maddədə penitensiar müəssisələrdə HIV infeksiyalarının profilaktikasından söhbət gedir. Mən tam əminəm ki, 22.2-ci maddə, yəni HIV-in IV klinik mərhələsində yanaşı xəstəliklərin inkişafı nəticəsində terminal vəziyyətdə olan şəxslərin qanunvericilikdə müəyyən olunmuş qaydada xəstəliklə əlaqədar olaraq cəzaçəkmə müəssisələrindən azad olunması müddəası, ilk növbədə, Sizin humanist yanaşmanızdan irəli gəlir. Amma çox xahiş edirəm ki, ümumiyyətlə, bu maddəni layihədən çıxarasınız. Nədən? Çünki məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisəsindən azad olunması müddəaları Cəzaların İcrası Məcəlləsində öz əksini tapıb. Bu və ya başqa bir xəstəlik, xərçəng xəstəliyi, yaxud başqa xəstəliklər də məhkəmə tərəfindən vaxtından əvvəl azad olunma və yaxud cəzaçəkmə müəssisəsindən azad olunma məsələsinə baxılarkən nəzərə alına bilir. Amma heç bir halda hər hansı bir xəstəlik cəzaçəkmə müəssisəsindən azad olunmanın əsası kimi bizim qanunvericilikdə nəzərdə tutula bilməz. Ona görə xahiş edirəm, 22.2-ci maddə də layihədən çıxarılsın. Ümumilikdə bir daha təşəkkür edirəm ki, sosial tutumlu və cəmiyyət üçün lazım olan layihə parlamentə təqdim olunub və həmkarlarımdan layihəyə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Mən hesab edirəm ki, biz bu qanun layihəsini geniş müzakirə elədik. Amma Sosial Rifah Partiyasının sədri kimi camaatın rifahı üçün bir məsələni də bilirəm ki, naharın vaxtı keçdi. Mən istəyirəm, bunu da nəzərə alaq. Bilirsiniz ki, sözün əsil mənasında, insan orqanizmində yeməyə qarşı immunitet çətin məsələdir. Qanun layihəsi ilə bağlı hamı öz fikrini dedi, onun müsbət cəhətləri də, qüsurları da deyildi. Mən təklif edirəm, səsə qoyaq.
Sədrlik edən. Təşəkkür edirəm. Mən sizin istirahət hüququnuzu bir saat məhdudlaşdırdım, üzr istəyirəm. Amma daha sizin istirahət hüququnuzdan sui-istifadə eləmək fikrində deyiləm. Bütün fikirlər səsləndi. Musa müəllim, xahiş edirəm, üçüncü oxunuşa qədər bütün deyilənləri nəzərə alasınız. Əgər etiraz yoxdursa, səsverməni keçirək. Qanun layihəsi yeddi fəsildən ibarətdir. Xahiş edirəm, birinci üç fəslə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 15.05 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IV-VII fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 15.06 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun, təşəkkür edirəm. Növbəti iclasda görüşənədək. Sağ olun.