07.04.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR
III SESSİYASI İCLASININ
PROTOKOLU № 14
Mill Məclisin iclas salonu.
7 aprel 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 90 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
N. Əsgərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi.
İ. Cəfərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və Nəzarət İdarəsinin rəisi.
* * *
S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Ə. Əmiraslanov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru.
İ. Kazımov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzinin klinikasının baş həkimi.
R. Cəfərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzi baş direktorunun elmi işlər üzrə müavini.
R. Zeynalov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzinin şöbə müdiri.
S. İbrahimova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş məsləhətçisi.
A. Qazıyev, Azərbaycan Dövlət Tibb Universitetinin Onkologiya kafedrasının dosenti.
T. Bəbirov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini.
Ə. Şıxlinski, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyük məsləhətçisi.
* * *
İ. Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
M. Dünyamalıyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi.
M. Səfərov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bitki Mühafizə Mərkəzinin rəisi.
Ş. Bağırov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi.
F. Qulubəyov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi laboratoriyasının rəisi.
B. Əliyev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
2. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında.
3. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
4. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavə edilməsi barədə.
5. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azər-
baycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
6. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
7 aprel 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 88
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanıb, gündəliyin müzakirəsi keçirilib. Gündəlikdə iki məsələ baxılmamış qalmışdı. Əgər müzakirəyə ehtiyac yoxdursa, birbaşa gündəliyə başlayaq. Müzakirə yalnız gündəlik ətrafında olacaq. Kim ki gündəlik ətrafında danışmadı, ona söz verilməyəcək. Müzakirə eləmək istəyən varsa, buyursun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəlik təsdiq olunub, müzakirə gündəlik ətrafında keçirilir. Komissiya var, deputat kimi Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərdiniz. İndi iclas gedir, iclasda gündəliklə əlaqədar müzakirələrə yazılanlar var. Buyurun, Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bizim bugünkü gündəliyimizə bir sıra vacib məsələlər salınıb və ümid edirəm ki, iclas ərzində qeyd edilən məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul ediləcək.
Eyni zamanda, “Deputat statusu” haqqında Qanuna əsasən hər bir deputatın gündəliyə əlavə təkliflər vermək hüququ var. Bundan istifadə edərək, mən bir sıra məsələləri gündəliyə təklif edirəm. Əgər bu məsələlər barədə razılıq əldə edilsə, həmin məsələlər gündəliyə daxil edilə bilər. Bunun birincisi onunla bağlıdır ki, bizim yaz sessiyasının iclasları may ayının sonunda qurtarmalıdır.
Məlum olduğu kimi, dünyada neftin və qazın qiymət artımı ilə bağlı Azərbaycan büdcəsinə əlavə vəsaitlər daxil olub və bu vəsaitlər respublika büdcəsində nəzərdə tutulmayıb. Azərbaycanın dövlət büdcəsinə yenidən baxılması və büdcə vəsaitlərinin artırılması istiqamətində müzakirələr keçirməyə ehtiyac var. Nəzərə almaq lazımdır ki, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əmək haqları həddən artıq aşağıdır. Oqtay müəllim, biz bu istiqamətdə çoxlu müraciət alırıq və tez-tez belə ifadələr səslənir ki, Gürcüstanın büdcəsini biz bu qədər arxada qoymuşuq. Amma nəzərə alsaq ki, Azərbaycan Respublikasında hər bir şagirdə ildə büdcədən 160 dollar ayrılır, Gürcüstanda isə həmin aşağı büdcə ilə hər bir şagirdə ildə 250 dollar ayrılır, onda bizim məktəblərimizin vəziyyəti aydın olar. Bakı şəhərində və respublikada orta məktəb müəllimləri təxminən 150-300 min manat arasında əmək haqqı alır. Bu əmək haqqı ilə insanlar özlərini və öz ailələrini dolandıra bilmirlər. Büdcəyə vəsait daxil olursa....
Sədrlik edən. Cəmil müəllim, mənim Sizə çox böyük hörmətim var. Ancaq mən Sizdən artıq dərəcədə xahiş edirəm, gündəlik ətrafında, gündəliyə aid hər hansı bir təklifiniz varsa, yazılı şəkildə verin, ona baxarıq. İndi hərəmiz durub gündəliyə nə isə əlavə etsək, gündəlik alınmayacaq. Gündəlik birinci gün müzakirə olunanda təklif verə bilərdiniz. Bunu həftə ərzində də eləmək olardı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah müəllim, Siz yenə yerinizdən danışmağa başlamısınız. Xahiş edirəm, bir-birinizə hörmət eləyin, yerinizdən danışmayın. Hörmətiniz var, hörmət saxlayın.
C. Həsənli. Çox təşəkkür edirəm, Oqtay müəllim. Ona görə də mən sözümü yekunlaşdırmaq istəyirəm və təklifim ondan ibarətdir ki, qeyd etdiyim adamların əmək haqlarının aşağı olmasını nəzərə alaraq bu məsələni gələcək iclaslarımızın birində gündəliyə daxil edək.
İkinci toxunacağım mühüm məsələ insan hüquqları ilə bağlı məsələdir. Ötən dəfə də bu məsələ qaldırılanda qeyd elədilər ki, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. İnsan haqları ilə bağlı və bilavasitə Milli Məclisin səlahiyyətinə aid olan məsələlərə müdaxilə etmək lazımdır. Bildiyiniz kimi, indi beynəlxalq təşkilatlar, ATƏT, Avropa Şurası məhkəmə işinin qapalı keçirilməsi ilə bağlı etiraz eləyirlər. Oqtay müəllim, Azərbaycan məhkəmələri, xüsusilə ağır cinayətlərə dair məhkəmələr Azərbaycanın beynəlxalq aləmdə imicinə güclü zərbə vururlar. Biz Milli Məclis kimi, bu məsələlərə müdaxilə etməliyik. Bir halda ki bu hadisə baş verib, - mən Ruslan Bəşirlinin məsələsini nəzərdə tuturam...
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də gündəliyə iki məsələnin əlavə olunmasını və parlamentin yaxın iclaslarında müzakirə olunmasını təklif edirəm. Hesab edirəm ki, bu təkliflər Azərbaycanın həm daxili, həm də beynəlxalq əlaqələri üçün kifayət qədər vacibdir. Birinci növbədə, Qarabağ məsələsi ilə bağlı mən yaz sessiyasının ilkin iclasında da qeyd etmişdim ki, bu məsələni yaz sessiyasının iş planına salaq və Qarabağ məsələsi müzakirə olunsun. Ən azı millət vəkillərinin gedən danışıqların müəyyən detalları barədə məlumatı olsun. Hökumət hesabat verəndə, Oqtay müəllim, Sizə müraciət etdik ki, həm xarici işlər nazirinin, həm də güc strukturlarının burada olmaması kifayət qədər narahatlıq doğurur. Siz bizə bildirdiniz ki, müharibə getdiyi şəraitdə bunların hökumətin hesabatına salınması o qədər də məqsədəuyğun deyil, ayrıca bir vaxtda bu barədə düşünmək olar. Regionda, yaxın Şərqdə baş verən hadisələr fonunda Qarabağın taleyi, Azərbaycanın bu barədə tutacağı mövqe necə ola bilər? Millət vəkillərinin dövlətin mənafeyinin müdafiə olunması istiqamətində nələr ediləcəyi barədə kifayət qədər aydın təsəvvürü olmalıdır və Azərbaycan Qarabağ məsələsində vahid orqanizm kimi çıxış eləyə bilər. Hərə istədiyi formada yox, vahid bir millət olaraq, milli problemlərin həlli istiqamətində strateji kurs sərgiləyə bilərik. Birinci təklifim budur.
Bu gün kənd təsərrüfatında əkinin yeni mərhələsi başlayıb, yaz əkini başlayıb. Lakin dizel yanacağının bahalaşmasından sonra kənd təsərrüfatında ciddi problemlər yaranıb. Bu problemlərin başında, təbii ki, yanacağın qiymətinin baha olması durur. Nəticə etibarilə, əhali kənd təsərrüfatı məhsullarını əkməyə o qədər də meyl göstərmir. Mən hökumətin də iclasında bunu qeyd elədim. Hansısa formada kənd təsərrüfatına yardım etmək lazımdır ki, 2006-cı ildə bu sahədə geriləmələr müşahidə olunmasın və Azərbaycanın daxili bazarının tələbatı ödənilsin. Bundan əvvəlki dövrlərdə, sovet dönəmində də, bundan əvvəlki illərdə də kənd təsərrüfatına əlavə yardımlar verilib. Bu yardımları bərpa etmək, yaxud hansısa istiqamətdə buna yenidən yanaşmaq kənd təsərrüfatının dirçəldilməsinə, inkişafına ciddi xeyir verə bilər. Xahiş edirəm, bu məsələ ilə bağlı Milli Məclis səlahiyyətlərindən istifadə etsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri, gündəliyə daxil edilmiş məsələlərə mən də səs verəcəyəm. Aktual məsələlərdir. Amma bununla yanaşı, mənim də təklifim var. Təklif edirəm ki, ölkəmizin həyatı üçün son dərəcə əhəmiyyətli olan bir məsələ Milli Məclisdə müzakirə olunsun. Bu da bizim Bakı şəhərindəki mövcud abidələrlə bağlı olan məsələdir. Biz, Milli Məclisin üzvləri - Gülər xanım, mən və Tahir müəllim fevral ayında Brüsseldə olduq. Mən orada Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Bülənd bəylə Dünya Gömrük Təşkilatının qarşısında Dədə Qorqudun şərəfinə ucaldılan abidəni ziyarət elədim. Nə qədər qürur verici an idi! Bakı şəhərində Dədə Qorquda belə bir abidənin qoyulmaması bir o qədər təəssüf doğurur. Bizdə şəhərin mərkəzində o qədər abidələr var. Məsələn, Əzizbəyovun heykəli, Caparidzenin heykəli, Ayna Sultanovanın heykəli. Mən hesab edirəm ki, bu məsələlərə Milli Məclisdə yenidən baxılmalıdır. Bakıda Ənvər Paşaya abidə ucaldılmalıdır. Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi, Bakının ermənilərdən azad olunmasında müstəsna xidmətləri olmuş şəxs kimi! Bu həm də gənc nəslin tərbiyəsinə müsbət təsir edə bilər.
Bundan başqa, hər il bizim cənublu soydaşlarımız Bəzz qalasına yürüş eləyirlər. Mən təklif edirəm ki, Bakı şəhərində, ya Azadlıq meydanında, ya da Caparidzenin heykəlinin yerində (o, Azadlıq prospektində yerləşir), onun əvəzinə Babəkə abidə ucaldılsın. Naxçıvanda belə bir abidə ucaldılıb. Paytaxtımızda da belə bir abidənin ucaldılmasına böyük ehtiyac var. Bu, 50 milyonluq dünya azərbaycanlılarının ziyarət edəcəyi abidə olar. Bundan başqa, ümumiyyətlə, Bakıətrafı kəndlərdə bir zaman milli hökumətin devrilməsində xidmətləri olan şəxslərə abidələr ucaldılıb. Fəxri xiyabanın özündə müəyyən abidələr var ki, bunların hamısı müzakirə olunmalıdır. Nazirlər Kabinetində, Milli Məclisdə müzakirədən sonra tövsiyə eləməliyik ki, bu barədə müvafiq qərarlar qəbul edilsin və həmin məsələlərə baxılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Əvvəla, Oqtay müəllim, birinci məsələyə münasibətimi bildirmək istəyirəm. Ümumiyyətlə, ən azı yarım saat ərzində insanlar cəmiyyətdəki problemlərə, gündəliyə və başqa məsələlərə fikirlərini bildirsinlər. Bunun məhdudlaşdırılmasını hər halda yaxşı ənənə kimi qiymətləndirmirəm. Hər bir məhdudlaşdırma əsaslandırılmalıdır. Heç olmasa, həftənin bir günü cəmiyyəti maraqlandıran ciddi problemlərə burada münasibət bildirək, fikirlərimizi səsləndirək. Mən çalışıram ki, çıxışlarımda gündəlikdən kənara çıxmayım və indi də gündəlikdə Onkoloji yardım haqqında qanun layihəsinin müzakirəsi təklif olunub. Mənim düşündüyümə görə, Azərbaycanda ən ciddi problem Azərbaycan əhalisinin sağlamlığı ilə bağlıdır. Burada o qədər fəlakətli vəziyyətdir ki, biz bunu beş, on, iyirmi il sonra düzəldə bilməyəcəyik. Büdcədə də biz buna pis münasibət göstərmişik. Büdcədə səhiyyə xərcləri, demək olar ki, aşağı səviyyədədir, dörd faizə çatmır. Halbuki Ermənistan, Gürcüstan, dünyanın inkişaf eləmiş normal ölkələri bizdən çox yüksəkdədir. Biz yalnız Tacikistandan öndəyik.
Maliyyə Nazirliyinin nümayəndəsi açıqlamasında bildirdi ki, büdcə gəlirlərində artımlar var. Biz bu məsələni bu gün də olmasa, yaxın günlərdə müzakirəyə çıxarmağa çalışaq ki, səhiyyə xərcləri Ümumdünya Səhiyyə Təşkilatının tələb elədiyi 5 faizdən, heç olmasa, az səviyyədə olmasın. Xatırlatmaq istəyirəm ki, 1993-cü ildə Belarusda əhalinin səhiyyə xidməti haqqında qanun qəbul edilib və həmin qanunda göstərilib ki, büdcə xərclərində səhiyyənin payı 10 faizdən az olmamalıdır. Onkoloji yardım haqqında qanun layihəsi vacibdir. Hesab edirəm ki, bunları gündəmə gətirməyə özümüzdə cəsarət tapıb həll eləməliyik.
Digər tərəfdən, bizdə hüquqsuz təbəqə pasiyentlərdir. Onların hüququnu qoruyan ayrıca qanun yoxdur. Təsəvvür edin, inkişaf eləmiş ölkələrdə səhiyyə qanunvericiliyini əhatə eləyən 50-yə yaxın qanun var. Azərbaycanda isə 12-13 qanun var. Ancaq əhalinin sağlamlığı haqqında ümumi mücərrəd qanunların içində biz pasiyentlərin hüququnu nəzərdən qaçırmışıq. Özəl xəstəxanalarda, dövlət xəstəxanalarında xəstələr acınacaqlı vəziyyətlə qarşılaşırlar. Bunun qarşısını almaq üçün parlamentin də üzərinə məsuliyyət düşür. Hesab edirəm ki, bu istiqamətdə ciddi işlər görməliyik. Ən azı əhalinin sağlamlığı istiqamətində faydalı iş görə bilək.
Sədrlik edən. Hörmətli Fazil müəllim, mən Sizin irada bir balaca münasibət bildirmək istəyirəm. Müzakirə o demək deyil ki, bu cari məsələdir. Cari məsələ gündəlikdə yoxdur, gündəliyin müzakirəsi var. Cari məsələlərin müzakirəsi hökmən lazımdır. Millət vəkillərinin iş günü var, komissiyalar var. Çox gözəl olardı ki, bir ənənə kimi, komissiyalara təkliflər verilərdi. Yoxsa biz bütün təklifləri iclas günü veririk və hamı istəyir ki, mikrofonla çıxış eləsin. Mən hesab edirəm ki, bu düzgün ənənə deyil. Lazım olar, cari məsələlərin də müzakirəsini keçirə bilərik. Amma həftə ərzində işləmək lazımdır, təkliflər vermək lazımdır, komissiyalarda baxılmalıdır. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, cənab Sədr. Mən qısa bir təkliflə çıxış eləmək istərdim. Keçən iclasda İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə əlaqədar Qənirə xanım Paşayeva çox düzgün çıxış edib, təklif verib ki, bizim qaçqınlarımızın ərizələri araşdırılsın və beynəlxalq standartlara uyğun olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə verilsin. Amma mən bilmək istərdim ki, 83 cild həcmində 10 minlərlə sənəd 10 il ərzində bir adam tərəfindən yığılıb, tez bir zamanda beynəlxalq cinayət məhkəməsinə necə göndərilə bilər? Dünən Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndəsi Mariya Kavaretta Bakıda mətbuat konfransında bəyan edib ki, Gürcüstan “Rimski Statut” deyilən sənədi ratifikasiya edib və biz də onu ratifikasiya etməyə hazırlaşırıq. Belə olan halda məşhur Latviya jurnalisti, Azərbaycan vətəndaşı Tatyana Çaladzenin məlumatını qısa şəkildə sizə bildirmək istərdim: “Центр защиты прав беженцев и вынужденных переÑеленцев Ðзербайджана Ñ 2002 по 2004 год Ñобрал и подготовил деÑÑтки Ñ‚Ñ‹ÑÑч документов по трагичеÑким ÑобытиÑм, произошедшим в азербайджанÑком городе Ходжалы. Были опрошены практичеÑки вÑе поÑтрадавшие или предÑтавители их Ñемей, а также оÑтавшиeÑÑ Ð² живых родÑтвенники. Ð’Ñе данные запиÑаны и документально зафикÑированы. Ð’ 2004 году была проведена Ð¿Ñ€ÐµÐ´Ð²Ð°Ñ€Ð¸Ñ‚ÐµÐ»ÑŒÐ½Ð°Ñ ÐºÐ¾Ð½ÑÑƒÐ»ÑŒÑ‚Ð°Ñ†Ð¸Ñ Ñ ÑкÑпертом Mеждународного Cуда ООÐ, а также дейÑтвующим депутатом Европарламента о передаче 83 томов документов на предмет Ð¸Ð·ÑƒÑ‡ÐµÐ½Ð¸Ñ Ð²Ð¾Ð·Ð¼Ð¾Ð¶Ð½Ð¾Ñти ÑÐ¾Ð·Ð´Ð°Ð½Ð¸Ñ Ð²Ð¾ÐµÐ½Ð½Ð¾Ð³Ð¾ трибунала по Ходжалы по Ñтатье «ÐŸÑ€ÐµÑтупление против человечноÑти». ОзнакомившиÑÑŒ Ñ Ð½Ð°ÑˆÐ¸Ð¼Ð¸ документами нам обещали ÑодейÑтвие в принÑтии документов на изучение, но предложили перевеÑти материалы в компютерную верÑию и подготовить аннотации на английÑком Ñзыке. Уже в течении двух лет мы не можем решить Ð²Ð¾Ð¿Ñ€Ð¾Ñ Ñ„Ð¸Ð½Ð°Ð½ÑÐ¸Ñ€Ð¾Ð²Ð°Ð½Ð¸Ñ Ð´Ð°Ð½Ð½Ð¾Ð³Ð¾ важного проекта”.
ТатьÑна Чаладзе – предÑедатель Центра защиты прав беженцев и вынужденных переÑеленцев Ðзербайджана. ПользуÑÑÑŒ тем, что ÑÐµÐ³Ð¾Ð´Ð½Ñ Ð½Ð° заÑедании Милли МеджлиÑа приÑутÑтвует вÑеми ÑƒÐ²Ð°Ð¶Ð°ÐµÐ¼Ð°Ñ ÐœÐµÑ…Ñ€Ð¸Ð±Ð°Ð½ ханум – президент Фонда Гейдара Ðлиева, Ñ Ð¿Ñ€Ð¾ÑˆÑƒ поддержать Ñтот очень важный Ð´Ð»Ñ Ð½Ð°ÑˆÐµÐ¹ реÑпублики проект, помочь ТатьÑне Чaладзе. Oколо 6 лет она провела в лаге-
Ñ€ÑÑ… азербайджанÑких беженцев и Ñобрала очень ценные материалы. ПоÑле ратификации РимÑкого Ñтатута мы должны отправить Ñти документы в Международный Уголовный Суд в Гааге. СпаÑибо за внимание.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən təklif edərdim ki, yaxın vaxtlarda Təhsil haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılsın. Artıq bu qanun cəmiyyətdə böyük maraqla gözlənilir. Ötən çağırışda bunu edə bilmədik. Seçicilərlə görüşdə, ali və orta məktəb kollektivləri ilə görüşlərdə tez-tez bu qanunun qəbul edilməsi xahiş olunur. Mən çox istərdim ki, Elm və təhsil məsələləri daimi komissiyası tezliklə bunu bizim müzakirəmizə çıxarsın və biz öz fikrimizi bildirək.
Eyni zamanda, çox istərdim ki, deputat həmkarım Cəmil müəllim Həsənlinin sözünə reaksiyamı bildirim. Açığını deyim ki, Cəmil müəllimin gətirdiyi rəqəmə çox böyük şübhəm var. Ola bilməz ki, Gürcüstanın illik büdcəsi milyard yarım dollar olduğu halda, 4 milyard dollar illik büdcəsi olan Azərbaycandan çox təhsilə pul ayırsın. Bizdə orta əmək haqqı Gürcüstanınkından çoxdur, bizdə pensiyanın orta rəqəmi Gürcüstandan çoxdur, ümumiyyətlə, inkişafa ayrılan vəsait Gürcüstandan qat-qat çoxdur. Belə olan halda həmin rəqəmin burada səsləndirilməsi mənə şübhəli görünür.
Birinci dəfə deyil ki, müxalifət nümayəndələri bu və ya digər ölkəni bizə nümunə göstərir, bu və ya digər ölkədə görülən hər hansı bir işi Azərbaycana örnək kimi təqdim edirlər. Amma onlar, ilk növbədə, Azərbaycanda gedən inkişafı görsələr, daha yaxşı olar. Hesab edirəm ki, bu məsələdə Azərbaycan bütün istiqamətlərdə, o cümlədən orta təhsil məsələsində də digər keçmiş sovet respublikalarına örnək ola bilər. Keçən il Azərbaycanda, səhv etmirəmsə, 200-ə qədər orta məktəb tikildi. Azərbaycanda minimum əmək haqqı hər dəfə artır. Bəs Gürcüstanda orta əmək haqqı nə qədərdir? Bu gün Azərbaycanda sosial sahələrə büdcədən ayrılan vəsait ildən-ilə çoxalır. Gürcüstanda nə qədərdir? Belə olan halda hər hansı bir şübhəli rəqəmi səsləndirmək və bununla da Azərbaycanda görülən işlərə kölgə salmaq, mənə elə gəlir ki, heç də doğru deyil. Amma bununla belə, Təhsil haqqında qanun layihəsinin tezliklə müzakirəyə çıxarılmasını xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Gündəlikdə kifayət qədər aktual məsələlər var, bunların müzakirəsində fəal iştirak etmək fikrimiz var. Eyni zamanda, çoxlarını narahat eləyən bir məsələnin iclasların birində müzakirə olunmasını vacib hesab edirəm. Söhbət son dövrlərdə atəşkəsin pozulmasının intensivliyinin artmasından gedir. Beynəlxalq təşkilatların bəzi nümayəndələri bunu yazın gəlməsi ilə, qanın qaynaması ilə əsaslandırırlar. Amma hesab edirəm ki, bu təxribatdır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu həddən artıq ciddi məsələdir. Ona görə bir neçə istiqamətdə bunun törədəcəyi fəsadları qeyd eləmək istəyirəm. Birincisi, hərbi qulluqçularımız həlak olur. İkincisi, dinc əhali arasında həlak olanlar var. Üçüncüsü, əkin-biçin başlanır, yığım başlanacaq. Böyük bir ərazidə Azərbaycan vətəndaşlarının, fermerlərin kənd təsərrüfatı ilə məşğul olmaq imkanları məhdudlaşacaq. Ona görə hesab edirəm ki, yaxın iclasların birində bu məsələyə münasibət bildirmək, gündəliyə salıb, buna siyasi qiymət vermək çox vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Mənim də təklifim təhsil ilə əlaqədardır. Təhsil Nazirliyi Bakı şəhərinin Xətai rayonunda və İmişli rayonunda orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması barədə fevral ayının 1-də əmr vermişdir. Əmrə görə, hər iki rayonun buraxılış siniflərinin şagirdləri 8 fəndən 125 sual üzrə imtahan verəcəklər. Cavab kartları xüsusi kompüter proqramları üzrə Təhsil Nazirliyində yoxlanılacaq və nəticəyə uyğun olaraq şagirdlərə təhsil sənədi veriləcək. Yəni hansı şagird 8 fənn üzrə suallara cavab verəcəksə, attestat alacaqdır, digər şagirdlərə isə orta təhsil kursunu keçdikləri haqqında sənəd veriləcəkdir.
Mən təhsildə islahatlar aparılmasının əleyhinə deyiləm. Ancaq islahat imitasiyası ilə məşğul olub insanları incitməyin, onları cəzalandırmağın əleyhinəyəm. Məlumat üçün bildirim ki, İmişlidə belə ağır və məsuliyyətli tədbirin keçirilməsinə tam məxfi şəraitdə razılıq verilmişdir. Əmrdə göstərilənlərin əleyhinə olaraq, nə pedaqoji, nə valideyn komitələrində heç bir müzakirə aparılmadan rayon təhsil şöbəsinin razılıq məktubu əsasında nazirliyin bu eksperimenti keçirmək üçün seçdiyi iki rayondan biri də İmişlidir. Əslində, belə bir məsuliyyətli eksperimentin keçirilməsinə iki-üç ay deyil, il yarım, iki il müddətində hazırlaşmaq, məktəb direktorlarını, müəllimləri, valideynləri əvvəlcədən maarifləndirmək lazım idi. Bütün bunlar olmadığı üçün əmrin icrası rayonda, xüsusilə valideynlər arasında çox ciddi narazılığa səbəb olmuşdur.
Hamıya bəllidir ki, məktəblərdəki təhsilin aşağı səviyyəsi ilə əlaqədar əksər valideynlər 4 ixtisas üzrə təhsil almaq məqsədilə övladlarını fərdi təhsilə göndərirlər. Bəzi valideynlər 2-3 ildir ki, bu sahədə çoxlu pul xərcləyirlər və bu mənada valideynlərin narazılıqları başa düşülür. Çünki eksperiment nəticəsində şagirdlər digər fənlərdən imtahan verə bilməsə, attestat ala bilməyəcək. Ortaya haqlı sual çıxır. Əgər rayon məktəblərində təbaşir belə çətin tapılırsa, təhsilin keyfiyyəti, təlimin nəticələri barədə guya obyektiv məlumat almaq üçün belə səthi eksperiment keçirilməsinə nə ehtiyac vardır?
Kiçik bir arayış vermək istəyirəm. Bu ilin əvvəlində Təhsil Nazirliyi İmişlidə 48 orta məktəbdə yoxlama aparıb, 46 məktəb direktoru haqqında tədbir görüb. Yəni 22 məktəb direktorunun işdən çıxarılması haqqında sərəncam verib, 24 məktəb direktoruna isə xəbərdarlıq edib. Üstəlik də təhsil şöbəsinin müdiri işdən çıxarılıb. Məgər bu fakt rayonlarda təhsilin səviyyəsi haqqında aydın təsəvvür yaratmırmı? Rayon məktəblərindəki acınacaqlı vəziyyətə görə şagirdlərmi günahkardır? Təhsildəki real vəziyyət hamıya bəlli olduğu halda 3 ay müddətində belə bir mürəkkəb eksperiment keçirib şagirdləri cəzalandırmaq hansı məntiqə sığır? Biz bu eksperimenti təhsilin səviyyəsi ilə heç bir əlaqəsi olmayan, əksinə, əlavə rüşvət mənbəyinə çevrilən tədbir kimi qiymətləndiririk və hesab edirik ki, Təhsil haqqında qanun layihəsi yubadılmadan müzakirəyə çıxarılmalı və onun icrası ciddi nəzarət altına alınmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri və media nümayəndələri, mən deputatların dəfələrlə müzakirəyə təklif etdikləri bir məsələ ilə bağlı danışmaq istəyirəm. Bilirsiniz ki, may ayının 28-nə az bir vaxt qalır. Təxminən ay yarımdan sonra biz Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünü qeyd edəcəyik. Xatırlayırsınızsa, mərhum dövlət başçısı Heydər Əliyev 1998-ci ildə Bakı şəhərində əski cümhuriyyət banilərinə abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Aradan xeyli vaxt ötüb, bu abidənin ucaldılması ilə bağlı heykəltəraşların gördüyü iş də başa çatıb, abidənin qoyulması üçün yer də ayrılıb. Amma təəssüf ki, bu abidə ərsəyə gəlməyib. Mən başa düşə bilmirəm, mərhum dövlət başçısını az qala hər kəlmədən bir ümummilli lider adlandıran məmurlar niyə onun imzasına hörmət etmirlər? Niyə bu sərəncam hələ də kağız üzərində qalıb? Bilirsiniz ki, bu abidə üçün Kukla teatrı ilə üzbəüz yer ayrılıb. Bu elə bir yerdir ki, məncə, hansısa məmurun biznes maraqlarına da uyğun gəlmir. Bu sayğısızlığa haqq qazandırmaq olmaz. Bilirsiniz ki, Məmmədəmin Rəsulzadə və onun silahdaşları Azərbaycanın şanlı tarixini yazmış şəxslərdir. Mən hesab edirəm ki, bu ülvi isimlərə layiq olduqları münasibəti göstərməliyik. Xahiş edirəm ki, Milli Məclis müvafiq orqanlar qarşısında bu məsələni qaldırsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ayrılmış yarım saat vaxt qurtarır. Amma qurtaran kimi, yazılan 4-5 nəfər səs salacaq. Pənah bəy deyəcək ki, mənə söz çatmadı. Amma, həqiqətən, vaxt keçib. Mənim sizdən bir xahişim var, çalışaq ki, həftə ərzində komissiyalarda işləyə bilək. Yəni verilən təkliflər təklif xatirinə olmasın. Komissiyalarda işləyək, təklifləri hazırlayaq, ondan sonra həmin təkliflərə baxılmayanda, mikrofonla danışmaq olar. Amma bizdə adət halını alıb, gözləyirik, hər beşinci gün müzakirə adı gələn kimi, hərə bir təklif eləyir. Təklif də yaddan çıxır, sizin də yadınızdan çıxır. Amma yazılı surətdə komissiya tərəfindən verilsə, yəqin, həmin təklifə baxılar. Müzakirələr qurtardı. Xahiş edirəm, keçək gündəliyə.
Gündəliyin birinci məsələsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər barədədir. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev, buyurun.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi üçün qanun layihəsini Milli Məclisə tövsiyə etmişdir. Qanun layihəsində “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü və 7-ci maddələrinə əlavələr və dəyişikliklər edilməsi təklif olunur. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd əlavə edilsin: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”.
7-ci maddə aşağıdakı redaksiyada verilsin: “Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Veteran statusunu təsdiq edən sənədin bu qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir”.
Hörmətli millət vəkilləri, göründüyü kimi, təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə veteran statusunun verilməsinin dəqiqləşdirilməsi, eləcə də veteran adlarının və vəsiqələrinin verilməsi ilə bağlıdır. Məlumat üçün bildirirəm ki, hazırda respublikamızda 60 min nəfər II Dünya Müharibəsi veteranı, 90 min nəfərə yaxın isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş veteran vardır. Əmək və Silahlı Qüvvələr veteranlarının vəsiqələri isə müxtəlif nazirlik və təşkilatlar tərəfindən verildiyindən bu veteranların vahid statistikası aparılmır. Hazırda veteran vəsiqələri 7 qurum tərəfindən verilir və bu vəsiqələrin vahid nümunəsi, verilmə qaydası və şərtləri müəyyən edilməmişdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmuş şəxslərin kateqoriyaları, döyüş əməliyyatları aparılan dövrlər və aparılan yerlərin müəyyənləşdirilməsi də qanunvericiliklə tənzimlənməmişdir. Məhz bu məsələlərin həlli üçün hüquqi baza yaradılması məqsədi ilə cənab Prezident “Veteranlar haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsini məqsədəuyğun saymışdır. İnanıram ki, hörmətli millət vəkilləri qanun layihəsinin qəbul olunmasına dəstək verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Keçirik 1-ci məsələnin müzakirəsinə. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Müzakirə elədiyimiz əlavələrə mənim etirazım yoxdur və mən onlara səs verəcəyəm. Bununla belə, madam ki, biz “Veteranlar haqqında” Qanuna bəzi dəyişikliklər edirik, mən bir təkliflə çıxış etmək istərdim. Söhbət veteranlara verilən güzəşt və əlavələrdə bəzən ayrı-seçkiliyə yol verilməsi haqqında gedir. Bu barədə seçicilərim mənə çoxsaylı müraciətlər edib və xahiş ediblər ki, mən onların istəklərini dövlət rəhbərlərinə çatdırım. Məsələn, yeni Əmək Məcəlləsinə görə Milli Qəhrəman ailələrinin aldığı pensiyaya əlavələr 100 faiz olduğu halda, şəhid ailələrinin pensiyalarına əlavələr cəmi 30 faizdir. Halbuki bu məbləğ, heç olmasa, 50 faizə qaldırıla bilər. Yaxud Əfqanıstanda hərbi xidmətdə olmuş veteranlarımızın kompensasiyası cəmi 55 min manatdır və bu kateqoriyadan olan əlillərin pensiyası Qarabağ əlillərinin pensiyasından xeyli aşağıdır. Ümumən, Əfqanıstan əlillərinin sayı respublikamızda cəmi 300-ə yaxındır və bu kateqoriyadan olan veteranlara məmurlar tərəfindən bir növ etinasızlıq göstərilir.
Üçüncü misal, “OKA” maşınları pulsuz olaraq, ilk növbədə, Qarabağ əlillərinə verilir. Əfqanıstan, hətta Böyük Vətən müharibəsi veteranları bu maşınları nadir hallarda ala bilirlər. Habelə müharibə veteranlarının və əlillərin müalicəsində də ayrı-seçkiliyə yol verilir. Ortaya sual çıxır: Nəyə görə? Hər üç kateqoriyadan olan veteranlar Vətən uğrunda döyüşüb, qan töküblər. Onları müharibəyə dövlət göndərib. Bu insanlar öz vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər və indi də özünə qarşı dövlət tərəfindən eyni münasibət gözləyirlər. Bu ayrı-seçkilik aradan qaldırılmalıdır və “Veteranlar haqqında” Qanuna millət vəkilləri ciddi dəyişikliklər etməlidir. Eyni zamanda, hər bir kateqoriyadan olan veterana dövlət məmurları eyni münasibət bəsləməlidir. Mən əhalinin sosial müdafiəsi naziri hörmətli Füzuli müəllimə üz tutaraq xahiş edirəm ki, “OKA” maşınlarının növbəsində duran veteranların siyahısına təzədən baxılsın və bu maşınların paylanmasında müşahidə olunan ayrı-seçkiliyə son qoyulsun. Böyük Vətən müharibəsi veteranlarının sayı Azərbaycanda o qədər də yüksək deyil və bu kateqoriyadan olan insanlar illərlə öz növbəsini gözləyə bilməz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə layihənin lehinə səs verəcəyəm. Ancaq 7-ci maddəyə təklif edilən 2-ci abzasla bağlı fikrimi də bildirmək istəyirəm. Bu abzasda göstərilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qeyd edim ki, bu vəsiqələrin təqdim edilməsi ilə əlaqədar yerlərdə çox bərbad vəziyyət yaranmışdır. Xeyli sayda keçmiş döyüşçülər bizə müraciət edərək onlara vəsiqələrin verilməsində köməkdarlıq göstərməyi xahiş ediblər.
Bu insanlar 1992-94-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak ediblər. Konkret say da göstərə bilərəm. Məsələn, mənim təmsil etdiyim İmişli rayonundan 11 nəfər keçmiş polis işçisi, həmçinin 300 nəfərə qədər keçmiş döyüşçü hələ də veteran vəsiqəsini ala bilmir. Məlumdur ki, vaxtı ilə polis işçiləri müharibəyə yerli polis idarələrinin rəhbərlərinin əmri ilə gediblər. Şübhəsiz ki, bu əmrin surəti arxivdə qalıbdır və onu tapıb insanların veteran vəsiqəsi problemini həll eləmək mümkündür. Ancaq acınacaqlı haldır ki, həmin 11 nəfər keçmiş polis işçisinin ərizəsini araşdırıb tədbir görən bir kimsə yoxdur.
Polis işçilərinə veteran vəsiqəsi 2000-ci ilə qədər verilibdir. 2000-ci ildən sonra vəsiqə verilmir. Onların izahatına görə, polis işçilərinin döyüş əməliyyatlarında iştirakı barədə arayış 1997-ci ilə qədər təqdim edilməli idi. Belə çıxır ki, müharibədə iştirak etmiş keçmiş polis işçisi vəsiqə almaq üçün bu və ya digər səbəbdən 1997-ci ilə qədər müraciət etməyibsə, deməli, o heç vaxt vəsiqə ala bilməz. Faktiki olaraq döyüşlərdə iştirak etsə də, veteranlar üçün nəzərdə tutulan imtiyazlardan istifadə edə bilməz. Eyni vəziyyət müharibədə iştirak etmiş vətəndaşlara da aiddir.
Qeyd etdiyim kimi, İmişlidə 300 nəfərə qədər insan var ki, faktiki olaraq döyüşlərdə iştirak etsələr də, veteran vəsiqəsini ala bilməyiblər. Onlara vəsiqə vermək üçün hərbi komissarlıq Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etsə də, bütün müraciətlər arxiv idarəsində ilişib qalmışdır. Sorğulara heç bir cavab verilmir. Faktiki olaraq döyüş əməliyyatlarında iştirak etmiş həmin insanlar vəsiqələri olmadığından 10 iyun 2005-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş imtiyazlardan məhrum olmuşlar, gəlir vergisi, torpaq vergisi və avtomobillərin yol xərcini ödəmək məcburiyyətində qalıblar. Ona görə də hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş insanlara veteran vəsiqəsinin verilməsi mexanizmi sadələşdirilməli, veteran statusunu təsdiq edən sənədin verilməsində bütün bürokratik maneələr aradan qaldırılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, bu Qanunda müəyyən zəruri dəyişikliklər nəzərdə tutulub və bu dəstəklənməlidir. Amma bütövlükdə “Veteranlar haqqında” Qanun bu vəziyyətdə Azərbaycan dövlətinin özünün imici üçün yaxşı bir qanun sayıla bilməz.
Oqtay müəllim, Siz də qeyd elədiniz ki, komissiyaların işini fəallaşdırmaq lazımdır. Amma bir məsələnin üzərində durmalıyıq ki, mütləq burada Prezidentin hüquqşünas nümayəndəsi oturmalıdır. Çünki biz komissiyalarda xeyli təklif veririk, burada zəruri təkliflər veririk. Qanunun mahiyyətində dəyişikliklər olur və qanunvericilik təşəbbüsü ilə çıxış eləyən şəxsə bunlar bilavasitə çatdırılmalıdır.
Məsələn, bu Qanunda çox ciddi yanlışlıqlar var və bunlar düzəldilməlidir. 1-ci növbədə, bizdə belə bir ənənə formalaşıb ki, müharibə 1941-1945-ci illərdə olub. Əslində, II Dünya müharibəsi 1939-45-ci illərdə olub. Artıq Sovet hökuməti dağılıb. Biz müstəqil ölkəyik. Bütün sənədlərdə də II Dünya müharibəsi anlayışı gündəmə gətirilməlidir. Onun bütün subyektlərinə, iştirakçılarına bu tətbiq edilməlidir.
Digər tərəfdən, Qanunda ən böyük nöqsanlardan birinə - 3-cü maddədə müharibə veteranları hissəsinə diqqət eləyin: 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusun, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər. Bu nədir? Bizim Litva ilə əlaqəmiz var, Latviya ilə əlaqəmiz var, Ukrayna ilə əlaqəmiz var. Söhbət Ukrayna Azadlıq Ordusuna qarşı döyüşlərdən gedir. Ukraynadan kimsə gəlib bu Qanuna baxsa, deyəcək ki, siz bizi “quldur” adlandırırsınız? Siz bizimlə necə əlaqə qurursunuz? Bizim tariximiz bunun üzərində qurulub. Belə maddələrin saxlanması Fəxri Xiyabanda Əli Bayramovun məzarının üstündə “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir” sözünü yazdıranın zehniyyəti ilə eynidir. Ona görə də mənə elə gəlir ki, Qanuna bütövlükdə baxmaq lazımdır. Digər tərəfdən, həmin bənddə “faşist Almaniyası”, “imperialist Yaponiyası” deyilir. Sovet tarixindən qalan həmin terminlərdən bu Qanunda istifadə etməyin bir əhəmiyyəti varmı?
Digər tərəfdən, Qanunda ifadə işlənir: “Vətənin müdafiəsi”. Bütövlükdə “Vətənin müdafiəsi” ifadəsi doğru ifadə deyil, hüquqi ifadə deyil. Bütövlükdə konkret ifadə göstərilməlidir. Məsələn, “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda”. Digər yerlərdə də “ərazi bütövlüyü” sözünə “dövlət suverenliyi” sözləri də əlavə olunmalıdır. Orada bir neçə yerdə var və bunlar əksini tapmalıdır.
Bu Qanunla bağlı ən mühüm məsələ vəsiqələrin verilməsidir. Veteran vəsiqələrinin verilməsində Azərbaycandakı qədər heç yerdə saxtakarlıq yoxdur. Dövlət büdcəsinin ən ağır problemlərindən biri əmək pensiyası ilə bağlıdır. Veteran vəsiqələrinin verilməsi sahəsində korrupsiya elementləri Azərbaycanda geniş vüsət alıbdır. Biz bunun qarşısını almaq üçün məsuliyyət məsələsini də Qanunda nəzərdə tutmalıyıq. Məsələn, bir müğənni gedib hansısa döyüş bölgəsində bir gün oxuyubsa, bu artıq veterandır. Kimsə kiminsə yaxın adamıdırsa, hansısa dövlət vəzifəsində işləyirsə, istənilən vəsiqəni ala bilər. Ona görə də say çoxaldıqca, həqiqi veteranlar, həqiqi əziyyət çəkmiş insanlar sıxıntılarla üzləşirlər. Elə bil 100 nəfərə bölünməli pay artıq min nəfər arasında bölünür. Əmək pensiyasında da belədir, başqa sahələrdə də belədir və bunun qarşısını almaq üçün qanunlarda məsuliyyət məsələsi ciddi şəkildə qoyulmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, bu gün müzakirəyə çıxarılan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi çox aktualdır və bu sahədə boşluqların aradan qaldırılması üçün vacib normativ hüquqi aktdır. Təqdim olunan qanun layihəsi özlüyündə dolğun və məqsədəmüvafiqdir. Lakin layihəyə bir sıra müddəalar əlavə etməklə müharibə iştirakçısı olan vətəndaşlarımızın hüquqlarını tam təmin etmiş olarıq. Belə ki, təqdim edilmiş layihəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyası müəyyənləşdirilərkən müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslər və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı kimi nəzərə alınmamalıdır.
Hörmətli millət vəkilləri, mən uzun müddət hərbi sistemdə işləmişəm və 1991-94-cü illərdə könüllü birləşmələrin ərazi bütövlüyü uğrunda apardığı mübarizədə yaxından iştirak etmişəm. Odur ki, mən layihədə qeyd olunduğu kimi, cinayət məsuliyyətinə cəlb edilmiş, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərin müharibə iştirakçısı kimi tanınmamasına etiraz edirəm.
Birincisi, ona görə ki, bu, sosial ədalət prinsipinin pozulmasıdır. İkincisi, həmin dövrdə vətəndaşlarımız könüllü olaraq ərazi bütövlüyü uğrunda mübarizə aparırdılar. Bu baxımdan məhz həmin dövrdə baş vermiş cinayətin təsnifatı nəzərdən qaçırılmamalıdır. Hadisələrə dövrün, zamanın tələbi ilə qiymət verilməlidir. Digər tərəfdən, bəzi döyüşçülər uzun müddət erməni işğalçıları ilə mübarizə apardıqdan sonra bu və ya digər səbəbdən, xüsusi ilə torpaqların işğalı və könüllü birləşmələrin ləğv edilməsi səbəbindən fərarilik etmişlər. Təbii ki, bunlar ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilmiş və cəzalandırılmışlar. Lakin onların böyük əksəriyyəti cəzalarını başa vurmuş və müəyyən müddət keçdikdən sonra müvafiq qanunvericiliyə uyğun olaraq məhkumluqları üzərindən götürülmüşdür. Belə insanların müharibə veteranı kimi tanınmaması onlara qarşı böyük ədalətsizlik olardı. Həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü uğrunda əzmkarlıqla mübarizə aparmış və cinayət törətmələrindən asılı olmayaraq onların müharibə iştirakçısı kimi hüquqları tanınmalıdır.
Bundan başqa, bildiyiniz kimi, həmin dövrdə könüllü taburların tez-tez yerdəyişməsi və ya ləğv edilməsi bu cür taburların tərkibində döyüşlərdə iştirak edən şəxslərin, həqiqətən, müharibə iştirakçısı olduğunu təsdiq etməkdə çətinliklər yaradırdı. Çoxsaylı vətəndaşlarımız hərbi hissələrin ləğv edilməsi səbəbindən müharibə iştirakçısı olduğunu sübut edən müvafiq sənədləri əldə edə bilmir və nəticədə onlar müharibə veteranı kimi tanınmırdı.
Hörmətli həmkarlar, psixoloji baxımdan bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Belə ki, islah edilmiş bu insanların hüquqlarının dövlət səviyyəsində tanınmaması vətəndaşlarımız arasında çox böyük ruh düşkünlüyü yaradır. Sizdən xahiş edirəm ki, bu məsələyə geniş aspektdən yanaşaraq layihədəki qüsurların aradan qaldırılmasına səy göstərəsiniz. Nəzərə almaq lazımdır ki, həmin şəxslər məhz könüllü olaraq Vətənin müdafiəsinə qalxmış və onların bu və ya digər səbəbdən cinayət törətmələrini əsas götürərək, sosial güzəştlərdən kənarda saxlanılması mənəvi prinsiplərlə bir araya sığmır. Bu kontekstdə həm də o nəzərə alınmalıdır ki, ulu öndərimiz mərhum Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək cinayətin baş verdiyi səbəbləri dəqiqləşdirdikdən sonra iki dəfə amnistiya elan etmiş, könüllü müharibə iştirakçılarını cəzadan azad etmişdir.
Bütün bunları nəzərə alaraq təklif edirəm ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əlavə edilməsi nəzərdə tutulan “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir” ifadəsi layihədən çıxarılsın və aşağıdakı formada düzəliş edilsin: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, müxtəlif səbəblərdən hərbi cinayət törətmiş və qanunvericiliyə uyğun olaraq məhkumluğunu ödəmiş, buna görə məhkum edilməmiş sayılan və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı kimi tanınsın”. Bu zaman obyektiv və subyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər hərbi qaydada yoxlanılsın. Onlar fərdi qaydada yoxlanılsın. On minlərlə bizim gənclərimiz hazırda hərbi komissarlıqda qeydiyyata düşə bilmirlər. Onlara amnistiya verilib. 15 ildən yuxarıdır ki, bunlar hərbi komissarlıqda qeydiyyata düşmür. Hərbi komissarlar da ona görə qeydiyyata ala bilmirlər ki, prokurorluqda onlara amnistiya tətbiq olunmalıdır və həmin sənədlər də geri qaytarılmalıdır. Hazırda 30-40 min gənc bu günə kimi qeydiyyatda yoxdur. Sabah həmin vətəndaşlar bizə lazım olacaq. Onların yenidən səfərbər olunması və orduya cəlb olunması vacib işdir. Xahiş edərdim, bu barədə də siz lazımi tədbir görəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən həm bizə təklif edilmiş qanun layihəsinə, həm də onunla bağlı müəyyən məsələlərə münasibət bildirmək istəyirəm. Təklif edilən dəyişiklikləri, əsasən, bəyənirəm və hesab edirəm ki, müharibə iştirakçısı hesab edilən insanların kateqoriyalarını müəyyənləşdirmək və onlarla ciddi iş aparmaq çoxdan lazım idi. Amma bir təkliflə razılaşa bilmirəm və xahiş edərdim ki, bunu yenidən nəzərdən keçirək. Burada bildirilir ki, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti vahid vəsiqə nümunəsi təsdiq edir. Belə çıxır ki, hər kateqoriya üçün ayrıca bir vəsiqə olacaq və sabah cəmiyyətdə qırmızı vəsiqəli veteranlar, sarı vəsiqəli veteranlar, göy vəsiqəli veteranlar yaranacaq. Ondan sonra da bu dərinləşmə davam edəcək. Bu, veteranlar arasında ayrı-seçkilik də sala bilər. Ona görə də mən kateqoriyaların müəyyənləşdirilməsinin yox, onların hər birinə ayrı bir vəsiqə verilməsinin əleyhinəyəm. Vahid bir formada vəsiqə verilməlidir.
Eyni zamanda, bu məsələlərlə bağlı fikrimi bildirmək istərdim. Burada deyildiyi kimi, müharibədə iştirak etmiş şəxslərin böyük bir qismi hazırda müharibə veteranı vəsiqəsini ala bilmir. Bu barədə mənə də müraciətlər olunub. Bunlar müəyyən komissiyalarda müzakirə edilirlər, müəyyən müraciətlər olur və həmin adamlar dövlət tərəfindən onlara verilmiş güzəştlərdən istifadə edə bilmirlər. Bunun nə səbəbdən yarandığını mən bilmirəm. Bir ara belə bir fikir irəli sürüldü ki, guya müharibədə iştirak edənlərin sayı həddən artıq şişirdilib, süni surətdə vəsiqə alanlar var. Bunu çox asanlıqla həll etmək olar. Bu müddət ərzində müharibəyə bir günlük yardım aparanla müharibədə vuruşan arasında fərqi tapmaq olardı.
Bu gün müharibədə iştirak eləyib və müharibədə sağlamlığını qoyan şəxsləri müavinətdən məhrum etmək və onları problemlər içərisində qoymaq düzgün deyil və bu məsələlərə müvafiq icra hakimiyyəti orqanlarının çox diqqətlə yanaşması düzgün olar. Digər tərəfdən, mənə müraciətlər olur ki, Əfqanıstan müharibəsində həlak olan şəxslər müharibə şəhidləri statusuna malik deyillər. Burada da ədalətsizlik elementləri var. Azərbaycanda həmin şəxslərin sayı 280 nəfərə qədərdir. Təklif edərdim ki, həmin şəxslər də müharibə şəhidləri statusuna bərabər tutulsunlar. Həmçinin son dövrlərdə yeni kateqoriyadan olan əhali yaranıb ki, bunların da problemini həll etmək bizim başlıca vəzifələrimizdəndir.
Azərbaycanın qeyrətli oğullarının bir qismi torpağımızın bütövlüyü uğrunda şəhid olub, bir qismi müharibə veteranıdır. Ancaq müharibə veteranları dünyasını dəyişəndən sonra onların ailələri, sadəcə olaraq, ailə başçısını itirmiş şəxslər statusuna malikdir. Necə ki, 1941-45-ci illər müharibəsində həlak olan kişilərin dul qadınlarının statusu var. Mən hesab edirəm ki, əri Dağlıq Qarabağ müharibəsində həlak olan dul qadınların statusu da müəyyənləşdirilməlidir. Buna müvafiq olaraq, həmin ailələrin sosial təminat məsələsini dövlət öz üzərinə götürməlidir. Bu kontekstdən çıxış edərək, mən çox istərdim ki, veteran problemləri ilə məşğul olan ayrıca bir dövlət qurumu yaradılsın. Necə ki, ailə problemləri ilə bağlı xüsusi dövlət komitəsi yaradıldı. Çox yaxşı olardı ki, ayrı-ayrı nazirliklərin tərkibindəki strukturlar birləşərək müharibə veteranlarının problemləri ilə məşğul olan ayrıca bir dövlət qurumu yaradılsın. Mənim təklifimin nəzərə alınmasını xahiş edirəm. Mən də dəyişikliklərə səs verəcəyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələnin üstündə xüsusi ilə dayanmaq istəyirəm. Bu, Qarabağ müharibəsi veteranı vəsiqəsinin alınması ilə bağlıdır. Fazil müəllim dedi ki, bir çoxları saxta yolla vəsiqə alıb. Bəli, bu, rayonlarda xüsusi ilə diqqəti cəlb eləyir. Bu barədə Müdafiə Nazirliyinə, hərbi komissarlığa nə qədər məktub göndərmişəm. Məlum olub ki, bunun müharibədən heç xəbəri yoxdur, amma müharibə veteranı vəsiqəsi alıb. Xüsusi ilə 1991-94-cü illərdə cəbhədə canını qoymuş insanlar, neçə illərdir, müharibə veteranı vəsiqəsini ala bilmirlər. Maraqlıdır ki, absurd cavablar verilir. Deyirlər ki, arxivdə sizin sənədləriniz yoxdur. O vaxt arxiv işi doğru aparılmayıb. Könüllü batalyonlar vardı və s. İnsanlara belə cavab verməklə, bölgələrdə narazılıqlar artır. Aydın müəllimin dediyi kimi, bəlkə də ayrıca bir komissiya yaradılmalıdır.
Əlilliyə görə pensiyalarla bağlı. Məlum oldu ki, əhalinin çoxu artıq əlilliyə doğru gedir. Hər kəs bu pensiyanı almaq üçün əlillik kağızı düzəldir. Bunun qarşısını almaq üçün yoxlamalar ciddiləşməlidir. Bununla yanaşı, eyni zamanda, insanların problemləri həll olunmalıdır. Təəssüflər olsun ki, yazdığımız məktublara heç bir cavab gəlmir və insanların problemləri həll olunmamış qalır.
İkinci məsələni Elmira xanım qaldırdı. Burada Əfqanıstan müharibəsi iştirakçılarının adı çox çəkildi. Qarşıdan Çernobıl faciəsinin 20 illiyi gəlir. Bunların da müəyyən narazılığı var. Amma ən vacib məsələ kənd rayonları ilə bağlıdır. Burada nə baş verir? Mənə elə gəlir ki, biz bunu da aradan qaldırmalıyıq. Çünki indi ölkəmizin, dövlətin büdcəsinin imkanları artır, müharibə əlillərinə tikilən evlərin sayı artır. Amma bir kateqoriya var ki, xüsusi diqqət yetirməliyik. Bu, şəhid ailələridir. Qaydalarımızda nə yazılıb? Mən əmək və əhalinin sosial müdafiəsi nazirinə məktub yazdım və mənə cavab verdilər. Qanuna görə müharibə əlillərinə fərdi ev tikintisinə icazə verilir, amma şəhid ailələrinə bu tətbiq olunmur. Bilirsiniz, bu özü də ədalətsizlikdir. Müharibə əlili əlildir, evin kişisidir, evin içindədir. Amma şəhid ailəsi ailə başçısını itirib. Bunlar daha çətin vəziyyətdədirlər. Mən çox xahiş edirəm, biz bu məsələni də bir gün gündəliyə salaq. Çünki hər bir nazirlikdə məsələni həll edəndə mütləq qanun-qaydalara nəzər salınır. Mən naziri ittiham eləmirəm, çünki o, qaydalara uyğun cavab verir. Rayonlarda binaların tikintisi sürətlənir, evlərin tikintisi sürətlənir, lakin şəhid ailələrinin narazılığı artır. Xahiş edirəm, gələcəkdə bunu diqqətdə saxlayaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən də həmkarlarıma qoşularaq bildirmək istəyirəm ki. həqiqətən, bu gün “Veteranlar haqqında” Qanuna ediləcək əlavə və dəyişikliklər aktualdır. Eyni zamanda, düşünürəm ki, bu əlavələr bütövlükdə “Veteranlar haqqında” Qanunun daha da təkmil olması üçün kifayət deyildir. Ümumiyyətlə, bu gün qanunvericiliyin təkmilləşməsi ilə yanaşı, mövcud qanunların da icrasına nəzarət parlament tərəfindən gücləndirilməlidir.
Hörmətli millət vəkilləri, bir neçə təklifi sizin diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, siyahı ilə bağlı. Həqiqətən də, həmkarlarım çox haqlı olaraq qeyd etdilər ki, bu gün veteranlar statusu, verilən adlar, veteranların sayı bugünkü reallığa uyğun deyildir. Məsələn, Azərbaycanda 90 min veteranın olması, həqiqətən, müəyyən şübhələr doğurur. Ona görə də bu siyahı 7 qurum tərəfindən birdəfəlik dəqiqləşdirilməlidir. Yaxşı olardı ki, bu səlahiyyət Nazirlər Kabinetinə verilsin və Nazirlər Kabinetinin yanında yaradılmış xüsusi bir qurum bütövlükdə həmin kateqoriyadan olan veteranların statusunu müəyyənləşdirsin. Hesab edirəm ki, burada müəyyən nizam-intizamın yaranmasına ehtiyac var.
İkincisi, burada qeyd olundu ki, bu gün veteran statusunun veteranın ailəsinə verilməməsi, yəni vəfat etdikdən sonra onun dul qalmış həyat yoldaşına verilməməsi düzgün deyil. Qanunda bu istiqamətdə müvafiq dəyişikliklərin aparılması çox vacibdir. Digər tərəfdən, bu gün biz veteranların hüquqlarını müdafiə edən, bütövlükdə onların sosial problemlərinin həllində iştirak edən bir sıra ictimai birliklərin də imkanlarına diqqət ayırmalıyıq. Məsələ burasındadır ki, bu gün veteranların birləşdiyi ictimai qurumlar, qeyri-hökumət təşkilatları bütün növ sosial və digər vergiləri ödəməklə məşğuldurlar. Onlar bu vergiləri ödəyirlər. Əgər həmin təşkilatlar bilavasitə veteranların sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərirlərsə, onlar ən azı sosial ödəmələrdən azad olmalıdırlar. Belə bir təcrübə var. 2004-cü ilin 1 iyul tarixində cənab Prezident fərman verdi və məcburi köçkün və qaçqınların problemləri ilə məşğul olan yerli və xarici təşkilatlar sosial sığortalardan azad oldular. Ümumiyyətlə, istənilən ödənişlərdən azad olurlar. Bu kateqoriyaya veteran təşkilatları da aid olunmalıdır. Çünki həmin təşkilatların saxlanması, icarəyə götürdüyü binaların saxlanması üçün dəstək lazımdır. Bu gün onlar həmin dəstəyi hökumətdən almamaqla yanaşı, müəyyən ödənişlər də həyata keçirirlər.
Çox vacib məsələlərdən biri də veteranların işlə təmin olunması ilə bağlıdır. Müvafiq qanunvericiliyə əsasən, işəgötürənlər işçi heyətini formalaşdırarkən veteranların, müharibə iştirakçılarının daha çox işə cəlb olunmasına çalışmalıdırlar. Təəssüflər olsun ki, bu hüquq bütövlükdə işəgötürənlər tərəfindən pozulur. Ona görə də yaxşı olardı ki, bu məsələ ilə bağlı bir hesabat hazırlansın və işəgötürənlərdən bununla bağlı sorğu tələb olunsun. Bu gün onların müəssisələrində nə qədər veteran çalışır? Bizdə olan məlumata görə, iş yerlərində ixtisarlar, ilk növbədə, veteranlara və müharibə iştirakçılarına şamil olunur. Hesab edirəm ki, bu da çox böyük ədalətsizlikdir.
Biz keçən dəfə ipoteka krediti ilə bağlı danışdıq. Yəqin, bununla bağlı Milli Məclis nə zamansa bu məsələyə qayıdacaq. Artıq hökumət müəyyən dəyişikliklər haqqında düşünür. Bu şərtlər veteranlara da şamil olunmalıdır və onlara ipoteka kreditləri daha yumşaq şəkildə, güzəştli şərtlərlə verilməlidir. Burada bir çox məsələlər var, mən onları sadalayıb vaxtınızı almaq istəmirəm. Veteranların belə bir istəyi var ki, onlara əvvəlki güzəştlər tətbiq olunsun. Düzdür, mən bunu o qədər də düzgün saymıram. Amma istənilən halda, bayaq dediyiniz həmin məsələlər nizamlanarsa, əsil veteranların siyahısı ortaya çıxarsa və bu istiqamətdə müvafiq icra hakimiyyəti orqanları üzərinə düşən funksiyanı lazımi səviyyədə yerinə yetirsə, məncə, onların sosial məsələlərinin həllində ciddi dəyişikliklər edilər və sosial ədalət prinsipi bərpa oluna bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Şübhəsiz ki, bu məsələ sosial məsələ deyildir. Bir halda ki torpaqlarımız işğal altında qalmaqda davam edir və biz faktiki müharibə vəziyyətindəyik. Cəmiyyətin iradəsi ondan ibarətdir ki, torpaqlarımızı lazım gələrsə, döyüşlə azad etməliyik. Ona görə də müharibə veteranları məsələsi, xüsusi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranları məsələsi böyük siyasi aktuallıq kəsb edir. O cəhətdən mən bu Qanuna əlavə və dəyişikliklərin edilməsinə diqqət yetirilməsini istəyirəm.
Məsələ burasındadır ki, məndən əvvəl hörmətli həmkarımız Aydın müəllim də buna diqqəti cəlb etdi. 3-cü maddəyə əlavənin Qeyd hissəsi müəyyən suallar yaradır. Əgər hörmətli məruzəçi, yəni qanun layihəsi barədə danışan məruzəçi bu suallara aydınlıq gətirsə, bunların bir çoxu aradan qalxmış olar. Bunlar hansılardan ibarətdir? Əgər bu Qeyd ümumi hüquq prinsiplərinə uyğun olaraq yalnız bu Qanun qəbul ediləndən sonrakı dövrə aid olacaqsa, o halda, həqiqətən də, döyüş əməliyyatları zamanı hərbi cinayətlərə yol vermiş şəxslərə qarşı müəyyən sanksiyaların tətbiq olunması məqsədəuyğundur və məntiqidir. Çünki döyüş əməliyyatları zamanı nizam-intizamın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əgər bu, əvvəlki dövrə də aid ediləcəksə, şübhəsiz, müəyyən ədalətsizliklər və gərginliklər yarada bilər. Nəyə görə bu narahatlıq var? Çünki burada 2000-ci il sentyabrın 1-dən qüvvədə olmuş Cinayət Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsi xatırlanır, amnistiya ilə məhkumluqdan azad edilmiş və yaxud bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilmiş hallar xatırlanır.
Hamımıza məlumdur ki, 1990-cı ildən sonra ölkədə gərgin, ziddiyyətli siyasi proseslər getmişdir. Bu siyasi proseslər ərzində bu və ya digər hadisələrə görə, o cümlədən siyasi məsələlərə görə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş bəzi şəxslər, fərqlənmiş şəxslər, əlil olmuş şəxslər, həqiqətən, fədakarlıq göstərmiş şəxslər məhkum olunmuşdur. O baxımdan hesab edirəm ki, bu məsələnin yenidən gündəmə gətirilməsi və onların veteran statusundan məhrum edilməsi, bu əlavənin, bu Qeydin şərh olunması bizim üçün digər əlavə problemlər yaradardı. Mən digər bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Bizə müraciət edən bir sıra müharibə veteranları, əlillər bunu diqqətimizə çatdırdılar.
Keçən ildən başlayaraq müharibə veteranlarının, müharibə əlillərinin yenidən qeydiyyatı keçirilir. Mənə deyildiyinə görə, belə bir qeyri-rəsmi göstəriş var ki, bütövlükdə Azərbaycan Respublikasında əlillik səviyyəsi nizama salınsın, dəqiq ifadə eləsək, aşağı salınsın. Çünki, həqiqətən, bu sahədə Azərbaycanda olduqca qəribə bir vəziyyət yaranmışdır. Mən iki fakta diqqətinizi cəlb edim. Bu, 1995-ci ilə - yəni müharibə, döyüş əməliyyatları getməyən dövrə aiddir. Əlil kimi qeydə alınmış uşaqların sayı təxminən 2 dəfə artıb. Yəni 1995-ci ildə 3,7 min, 2004-cü ildə 8,4 min olub. 16 yaşdan yuxarılarda da eyni vəziyyət qeyd olunur. Yəni 1995-ci ildə 14,9 min nəfər əlil kimi qeydə alınıbsa, 2004-cü ildə bu 26,7 minə çatıb. 2003-cü ildə, ümumiyyətlə, bərbad vəziyyət yaranıb. Onların sayı 36 minə çatmışdı. Hamıya aydındır ki, burada ciddi korrupsiya gedir.
Sosial Müdafiə Fondu və ümumiyyətlə, əlillərlə bağlı olan idarələr süni surətdə bunları artırırlar. Amma bunun cəzasını, həqiqətən, əlil olmuş şəxslər çəkir. Bir sıra müharibə veteranları, xüsusi ilə Qarabağ veteranları, əlillər müraciət edirlər ki, onların birinci qrupdan ikinci qrupa, ikinci qrupdan üçüncü qrupa keçirilməsi, üçüncü qrup əlillərin isə əlillik statusundan məhrum olunması istiqamətində komissiyalarda ayrı-ayrı şəxslər tərəfindən qanunsuz və ədalətsiz işlər görülür. Bu məsələlərin nizama salınmasının konkret yolu var.
Biz son dövrdə reyestrlər haqqında qanun layihəsini müzakirə etmişik. Müharibə veteranlarının reyestrini aparmaq mümkündür. Müdafiə Fondunun internet saytlarında, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytlarında bunları yerləşdirmək mümkündür. Bu, şəffaflığı təmin edər. Onda saxta yolla istər əlillik, istərsə də əmək veteranı, müharibə veteranı vəsiqəsi almaq istəyənlərin qarşısını ala bilərik və ictimaiyyət buna nəzarət edə bilər. Burada əlavə və dəyişikliklərin edilməsi istiqamətində qeydlərin edilməsi ictimai nəzarətin, şəffaflığın bərpa edilməsinə, çox ciddi şəkildə nizam-intizam yaratmağa imkan verər. Başqa sahələrdə də müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək şəffaflığın, ictimai nəzarətin, o cümlədən müharibə veteranlarının özlərinin nəzarətinin olması imkan verərdi ki, buradakı qanunsuzluqlar, o cümlədən korrupsiya halları aradan qaldırılsın. Hər halda mən Qeyd məsələsini bir daha diqqətinizə çatdırıram və hörmətli məruzəçimizdən xahiş edirəm ki, bu qanun layihəsi barədə bəzi məsələlərə aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, burada qanun layihəsi ilə əlaqədar Fazil Mustafayev bir fikir səsləndirdi. Mən ona münasibət bildirməyə bilmərəm. Səsləndi ki, guya burada II Dünya müharibəsi, yaxud faşist Almaniyası, imperialist Yaponiyası və sair barədə fikir söylənilmir. Əvvəla, Fazil müəllim, Sizə təklif edirəm ki, 3-cü maddənin bütün mətnini oxuyun. Burada II Dünya müharibəsi də var, burada Böyük Vətən müharibəsi də var və Böyük Vətən müharibəsinin tərkibində ayrı-ayrı epizodlar da göstərilib.
Biz burada 3-cü maddəni müzakirə etmirik. Biz burada cənab Prezidentin göndərdiyi 3-cü maddəyə ayrıca əlavəni müzakirə edirik. Bir halda ki Siz burada 3-cü maddənin konkret epizodlarına toxundunuz, mən Sizə demək istəyirəm ki, bəli, 1941-1945-ci illərdə sovet dövrü idi. Hamının ümumi vətəni Sovet İttifaqı idi, Azərbaycandan olan hər bir insan məhz faşist Almaniyasına qarşı mübarizə aparıb. Qələbənin 60 illiyi münasibəti ilə Almaniyanın kansleri çıxışında faşist Almaniyasının bütün bəşəriyyətə gətirdiyi cinayətlərə görə bütün alman xalqı adından üzr istəyib. Siz isə belə çıxır ki, burada faşist Almaniyasını müdafiə edirsiniz? Bəlkə Hitler ən böyük demokratdır? Bəs bu vuruşanlar faşist Almaniyasına qarşı vuruşmayıb? Kimə qarşı vuruşublar? Faşist Almaniyasının məqsədi o idi ki, bütün yer üzündə alman xalqı hökmranlıq eləsin. Təsəvvür edin ki, təkcə yəhudilərdən 6 milyon insan qırıblar. Yaxud imperialist Yaponiyasına qarşı olan döyüşlər.
Siz deyirsiniz ki, bunlar Sov.İKP tarixindən götürülüb. Oradan götürülməyib. İndi ola bilsin, kimsə ya Ukraynada, ya Pribaltikada desin ki, yox, Azərbaycanın “Veteranlar haqqında” qəbul etdiyi Qanuna görə quldur dəstələri Pribaltikanı müdafiə edirdilər, azad edirdilər. Amma o dövrün qaydaları başqa idi. O dövrdə bizim vətəndaşlar məhz həmin quldur dəstələrinə qarşı vuruşublar. 60 ildən sonra buna kimin nə cür don geyindirməsi başqa məsələnin mövzusudur. Veteranların həmin quldur dəstələrinə qarşı mübarizə aparması faktdır. İndi mən durub veterana deyim ki, sən səhv etmisən, Pribaltikanı müdafiə edən quldurlara qarşı niyə vuruşmusan? Axı, bu insan orada can qoyub. Bizim insanlarımız həlak olublar, can qoyublar. Onların ruhuna hörmət əlaməti olaraq belə danışmaq olmaz. Əvvəla, biz 3-cü maddəni bütövlükdə müzakirə etmirik. Fazil müəllim, bir şeyi də nəzərə alın, bu Qanun 1994-cü ildə qəbul olunub. Belə sözlər danışanda həm bizim veteranlara, həm də II Dünya müharibəsində və Böyük Vətən müharibəsində şəhid olmuş insanlarımızın ruhuna hörmət etmək lazımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Kifayət qədər vacib Qanundur və verilən əlavələrə səs verəcəyik. Eyni zamanda, layihə müəlliflərinin bir sıra məqamlara aydınlıq gətirməsini vacib hesab edirəm. İlk növbədə, bizə edilən müraciətlərlə bağlı iki məsələni qeyd etmək istəyirəm.
Birincisi, hesab edirik ki, həqiqi veteranların siyahıları dəqiqləşdirilməli və onların sosial müdafiəsi gücləndirilməlidir. Bu, həddən artıq mühüm əhəmiyyət kəsb edən məsələdir. Çətin də olsa, ağır da olsa, veteranlara münasibətdə sosial ədalət prinsipinin təmin edilməsi üçün vacib məsələdir. İkincisi, müharibənin ağır dövrlərində müəyyən insanlar hansısa səbəblərdən müharibə dövründə məsuliyyətə cəlb olunublar. Onların arasında bizə müraciət edənlər də var. Amma elə adamlar var ki, müharibə veteranı adını ala bilmirlər. Həmin kateqoriyaya aid olan insanlar hansısa səbəbdən, çılğınlıqdan və sairdən məsuliyyətə cəlb olunub. Məhkəmədə bəraət qazanan insanlara da veteran kateqoriyasının verilməsinin vacibliyini qeyd etmək istəyirik.
3-cü maddədə həm ümumi məqamlar öz əksini tapıb, həm də ayrı-ayrı məqamlar öz əksini tapıb. Mən istərdim, burada bir məsələyə aydınlıq gətirilsin. Burada nə qədər epizod var, tam açıq formada göstərilib. Amma 3-cü maddənin 1-ci hissəsinə baxanda görürük ki, indi qeyd edəcəyim məsələnin daha konkret şəkildə qoyulması daha vacibdir. Müstəqillik qazanandan sonrakı mövqelər müəyyən dərəcədə zəifdir. Ona görə də burada konkretliyi təmin etməyi vacib hesab edirik. Belə bir variantın nə dərəcədə məqbul olub-olmamasına layihə müəlliflərinin aydınlıq gətirməsini xahiş edirəm. Hesab edirik ki, keçmiş SSRİ-nin tərkibində, Əfqanıstanda, eləcədə də müstəqillik qazanandan sonra Azərbaycan hökuməti tərəfindən xarici ölkələrdəki münaqişə zonalarına göndərilmiş hərbçilərin veteran adı alması məsələsi həll olunmalıdır. Ona görə ki, bunlar da həyatlarını təhlükədə qoyublar, bunlar da xaricdə hərbi əməliyyatlarda iştirak ediblər və həmin şəxslərin də veteran adı almağa haqları var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, biz bu layihəni çox geniş şəkildə müzakirə edirik. Hamımıza məlumdur ki, bu Qanun 1994-cü ildə qəbul edilib və biz bunu qəbul edəndə geniş müzakirə etmişik və 1994-cü ildən bu günə qədər bu qanun qüvvədədir. İndi həmin Qanunun cəmi 2 maddəsində - 3-cü və 7-ci maddələrində müəyyən dəyişiklik olunubdur. Biz onun müzakirəsini bu gün həyata keçiririk. Ancaq çox təəssüf ki, burada çıxış edənlər bütövlükdə Qanun haqqında, onun maddələri haqqında təkliflər irəli sürürlər. Mən bu iki maddə haqqında təklifimi irəli sürmək istəyirəm.
Birincisi, indi təklif olunan variantda təkcə Yaponiyanın adı çəkilib. Bəs İtaliya, Rumıniya, Polşa və digər ölkələrdə faşizmə dəstək verən silahlı qüvvələrlə vuruşanları nə adlandıraq? Ona görə də göstərəcəyim variantı təklif edirəm. Əvvəla, burada söhbət imperialist Yaponiyasından, faşist Almaniyasından getdi. 1994-cü ildə biz bunu qəbul etdik, indi həmin formada da gedir. Onda gərək biz İtaliyanın da adını çəkək. Onda Mussolini hökuməti idi, faşist İtaliyası idi. Yaxşı olar ki, elə həmin ölkələrin adları ya çəkilsin, ya da onun müttəfiqlərinin adı verilsin. Ona görə də mən təklif edirəm ki, 3-cü maddə bu şəkildə getsin: “Azərbaycan Respublikasının vətəndaşları və ölkə ərazisində daimi yaşayan, II Dünya müharibəsi illərində Sovet İttifaqı silahlı qüvvələrinin, həmçinin müttəfiq orduların, partizan dəstələrinin tərkibində alman faşizmi və onun müttəfiqləri ilə döyüş əməliyyatlarında iştirak etmiş şəxslər”. Belə getsə, daha düzgün və aydın olar.
7-ci maddədə veteran adları belə sadalanır: “müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı”. Bu, fikri tam əhatə etmir. Ona görə ki, burada Əfqanıstan veteranlarının adı çəkilmir, Vyetnam döyüşlərindəki veteranların adı çəkilmir və Çernobıl kateqoriyasına aid olan adamların adları çəkilmir. Mən təklif edərdim ki, bu belə getsə, yaxşıdır: “müharibə veteranı, Silahlı Qüvvələrin veteranı, əmək veteranı və onlara bərabər tutulan veteranlar”. Hər halda hüquqşünaslar bu barədə fikirləşsələr, daha yaxşı olar.
İkinci tərəfdən, bu variantda veteranların hər biri nəzərə alınır. Bəs necə olur ki, Azərbaycan ərazisində Qarabağ müharibəsi şəhidləri nəzərə alınır, əlillər nəzərə alınır, lakin Qarabağ döyüşlərində iştirak edən veteranların ailələrinə həmin güzəştlər verilmir? Ona görə də təklif edərdim ki, burada Qarabağ müharibəsi veteranlarının da ailələrinə həmin güzəştlərin aid edilməsi nəzərə alınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, son zamanlar veteranlara göstərilən qayğı təqdirəlayiqdir və hesab edirəm ki, bu gün verilən əlavələr bir nümunədir. Yəni cənab Prezident tərəfindən həmin qayğı davam etdirilir.
Qanunla bağlı bir neçə təklifim var və həmin təkliflər müvafiq komissiyaya veriləcək. Amma istərdim ki, Milli Məclisin rəhbərliyi də bununla bağlı fikirlərimi eşitsin. Burada artıq vurğulandı ki, Nazirlər Kabinetinin nəzdində bir komissiya yaradılsın. Veteranlara verilən vəsiqə qaydaları, onların şərtləri haqqında müvafiq məlumatlar həmin komissiyada yığılsın. Biz burada daha çox müharibə şəraitindən danışırıq, müharibəyə hazırlıqdan danışırıq. Vətənpərvərlik hissinin təbliğ olunmasında mətbuat orqanları, müxtəlif qəzetlər, jurnallar xüsusi rol oynayırlar. Həmin mətbuat orqanlarına da müəyyən maliyyə və texniki yardımın göstərilməsi yaxşı olardı. Çünki bu gün ali təhsil ocaqlarında, məktəblərdə vətənpərvərlik hissinin oyanmasında məhz həmin veteranlar, müharibə iştirakçıları daha yaxşı təbliğat apara bilərdilər.
Digər bir məsələ artıq burada vurğulandı. Mən də təkrar etmək istəyirəm ki, vəfat etmiş müharibə veteranlarının ailələrinə də güzəştlər olunsun. Siz bilirsiniz ki, cənab Prezident tərəfindən artıq belə bir proqram başlayıb və bu proqramda dördmərtəbəli evlər tikilir. Hər bir veteran növbədə duraraq həmin mənzillərlə təmin olunur. Bu halda elə ailələr var ki, ailə başçısı müharibədə həlak olub. Bu ailələrə müəyyən güzəştlər olmalıdır.
Burada bir neçə maddəyə əlavələr var. Bunları da mən komissiyaya verəcəyəm. Bunların bir neçəsini demək istəyirəm. Sosial təminat baxımından, məncə, insanları daha çox qayğı məsələsi narahat edir ki, cəmiyyət tərəfindən bu necə qəbul olunur. Ona görə yaxşı olardı ki, ildə bir dəfə pulsuz sanatoriyalara, kurortlara göndərişlər həyata keçirilsin. Müəyyən müəssisələr var ki, bu gün onların imkanları çox genişdir. Onlara müraciət olunanda, həmin müraciətlərə ciddi baxsınlar. Bizim Səbail rayonunda veteranların çoxlu şikayətləri var. Dövlət müəssisələrində onların şikayətlərinə baxılmır. Hesab edirəm ki, imkanı olan təşkilatlar da bu məsələlərə mənəvi dəstək olmalıdırlar.
Digər bir məsələ. Mənim həmkarlarım İpoteka ilə bağlı məsələni vurğuladı. Düzdür, “İpoteka haqqında” Qanun qəbul olunub. Müsbət haldır ki, Azərbaycan da digər ölkələrdən öndə gedir. Yaxşı olar ki, həmin məsələ Milli Məclis tərəfindən müzakirə olunsun və xüsusilə də ehtiyacı olan veteranlara şamil olunsun.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Düzdür, biz daha çox kvotadan qaçırıq. Xüsusilə əlillər, veteranlar üçün iş yerlərində kvota saxlanmalıdır və buna nəzarət mexanizmi olmalıdır. Yaxşı olardı ki, buna Baş prokurorluq nəzarət etsin. Çünki bəzi hallarda artıq buna nəzarət etmək mümkün olmur və veteranlar işsiz qalır.
Son dövrlər torpaq məsələsi Məclisdə də çox ciddi müzakirə olunur. Mən hesab edirəm ki, mənəvi cəhətdən torpağa ən çox iddialı, ən çox ehtiyacı olan insanlar məhz Qarabağda döyüşmüş veteranlardır. Maddə 12, 13, 15 və 17-də “İkinci dünya müharibəsi” sözü “müharibə veteranı” sözü ilə əvəz olunmalıdır. Mən başa düşürəm ki, yenidən büdcəyə baxıla bilər. Əlavə gəlirlər veteranların ehtiyaclarına yönəldilsin. Hesab edirəm ki, o vaxt Vətən hamı üçün bir idi və müharibə veteranlarının ehtiyacları təmin olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İki maddədə dəyişikliyə görə 12 millət vəkili çıxış etdi. Hesab edirəm ki, Gülər xanıma da söz verək, sonra komissiya sədrinin müavini suallara izahat versin. Buyurun.
G. Əhmədova. Təşəkkür edirəm. Cənab Sədr, icazə versəydiniz, mən öz növbəmi Fəzail müəllimə verərdim.
Sədrlik edən. Buyurun.
F. Ağamalı. Gülər xanım, mənə belə imkan yaratdığınıza görə çox sağ olun.
Cənab Sədr, hörmətli millət vəkilləri, təqdim edilmiş qanun layihəsinə mən ciddi əhəmiyyət verirəm və buna bir daha ölkə Prezidentinin müharibə veteranlarına, müharibə əlillərinə, xüsusi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən insanlara diqqətinin yeni bir forması kimi yanaşır və belə qiymətləndirirəm. Lakin bununla bərabər demək istərdim ki, biz burada həm müzakirə olunan qanun layihəsində, həm də gələcəkdə vacib olan belə bir prinsipi həmişə əsas götürməliyik. Belə veteranlarla bağlı qəbul edilmiş qanun layihəsi stimullaşdırıcı rol oynamalıdır. Çünki Azərbaycanın ərazisi hazırda işğal altındadır və gələcəkdə ola bilsin ki, Azərbaycan öz ərazi bütövlüyünü müharibə amilindən istifadə edərək təmin etsin. Ona görə də bu məsələyə xüsusi diqqət və əhəmiyyət vermək lazımdır.
Burada deyildiyi kimi, döyüş bölgələrində olan, lakin əslində döyüşlərdə fəal iştirak etməyən, ermənilərə qarşı döyüşməyən insanlar da həmin veteran kateqoriyalarına aid edilirlər. Doğrudan da, siz mənim belə bir fikrimlə şərik ola bilərsiniz ki, 70 min və ya 90 min veteranı olan, yəni Qarabağda döyüşən, 90 min veteranı olan ölkənin 20 faiz ərazisi heç bir halda işğal oluna bilməz. Burada kifayət qədər xatakarlıq var, kifayət qədər “pripiska” var. Ona görə də Qanun bu baxımdan sərtləşdirilməlidir. Həqiqətən, döyüşlərdə birbaşa iştirak edən, fəal döyüş əməliyyatlarında iştirak edən insanlara veteran vəsiqəsi verilməlidir, həmin insanlar bu kateqoriyaya aid edilməlidir. Bu və ya digər məsələlərə görə döyüş bölgələrində iştirak edənlər həmin kateqoriyadan tamamilə çıxarılmalıdır.
Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Qarabağ uğrunda vuruşan, yəni Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən kateqoriya digər kateqoriyadan müəyyən məqamlara görə fərqləndirilməlidir, onlara daha ciddi üstünlüklər verilməlidir.
Ən azı stenoqram xatirinə mən müəyyən məsələlərə də aydınlıq gətirməyi özümə borc bilirəm. Mən heç də Fazil Mustafayevi müdafiə etmək fikrində deyiləm, lakin hörmətli Ziyafət Əsgərovun məsələyə yanaşması ən azı anlayış baxımından, tarixilik baxımından düzgün deyil. Çünki Ukraynada, Belorusda, Baltikyanı respublikalarda İkinci Dünya müharibəsi dövründə döyüşənlər öz vətənlərinin azadlığı uğrunda vuruşan insanlardır, quldur deyillər. Vaxtı ilə sovet hökuməti dönəmində Müsavatı söyənlərə, onu ittiham edənlərə hətta mükafat da verirdilər, orden də verirdilər, onları yüksək vəzifələrə qaldırırdılar. Lakin Sovet imperiyası süquta uğrayandan sonra Müsavata obyektiv yanaşma şəraiti yarandı. İndi müsavatçılıq tamamilə başqa məqamlara görə bizə bəllidir. Ona görə də tarixi proseslər dəyişdikcə, bir sıra hallarda tarixin bu və ya digər məqamlarına subyektiv münasibətə şərait yaranır. Ona görə də faşizm dünən də var idi, bu gün də var, sabah da olması istisna olunmur. Yəni bu istilanın özünün alman xalqı ilə eyniləşdirilməsi düzgün deyil. Bu nəzərə alınmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Musa Quliyev.
M. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Qanunda iki dəyişiklik ətrafında 13 deputat danışdı və bir neçə deputat da danışmaq arzusunda idi. Bu onu göstərir ki, məsələ nə qədər aktualdır. Çıxış edən deputatlara komissiyamız adından təşəkkürümüzü bildirməklə yanaşı, onu da qeyd etmək istəyirəm ki, hələ Qarabağ müharibəsi bitməyib. Bütün dünyada belə bir təcrübə var ki, müharibə bitəndən 5-10 il sonra onun təminatları müəyyənləşdirilir. Buna baxmayaraq, Azərbaycan dövləti humanist prinsipləri nəzərdə tutub və Qarabağ müharibəsi veteranlarının da statusunu müəyyən edib.
Bugünkü dəyişikliyin əsas məğzi nədən ibarətdir? Birincisi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin kateqoriyasının müəyyənləşdirilməsi, döyüş zonalarının müəyyənləşdirilməsi və döyüş gedən dövrlərin dəqiqləşdirilməsi. Bu məsələlər dəqiqləşdirildikdən sonra məhz veteran vəsiqəsi verilməsindəki pərakəndəlik aradan qaldırılacaqdır.
Çıxış edən deputatların çoxunun çıxışında göstərildi ki, yerlərdə veteran vəsiqələrinin verilməsində boşluq, nizamsızlıq, bəzən də narazılıqlar var. Hörmətli Elmira xanım Axundova çıxışında İkinci dünya müharibəsi veteranları ilə Qarabağ müharibəsi veteranlarının arasında fərq qoyulmasından, əlillərin müalicəsində, maşın verilməsində ayrı-seçkilikdən danışdı. Belə ayrı-seçkiliklər yoxdur. Mən vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlil problemi ilə məşğul olan bir adam kimi deyirəm ki, Qarabağ əlillərinin də, İkinci Dünya müharibəsi iştirakçılarının da müalicəsi Azərbaycan hökuməti tərəfindən lazımi səviyyədə təşkil olunubdur. Müharibə veteranları üçün gözəl bir pansionat tikilib və istənilən veteran, əlil orada müalicə ala bilir. O ki qaldı İkinci Dünya müharibəsi əlillərinə maşın verilməsinə, ona da aydınlıq gətirmək istəyirəm. Sovet dövründə həmin insanlar bir neçə dəfə maşın alıblar. İndi isə maşın yalnız o şəxslərə verilir ki, sovet dövründə minik avtomobilləri almayıblar.
İltizam Əkbərlinin çıxışında veteranlara vəsiqə verilməsində boşluq olduğundan narazılıq edildi. Həqiqətən də elədir. Qanundakı dəyişikliklər də həmin boşluqların aradan qaldırılması məqsədini güdür. Fazil Mustafayev çıxışında texnologiya məsələlərinə toxundu. Qeyd etmək istəyirəm ki, “Veteranlar haqqında” Qanunun yenidən işlənməsi Sosial siyasət daimi komissiyasının iş planında var. Hörmətli deputatlardan xahiş edərdim ki, digər maddələrə aid olan təkliflərini də komissiyaya versinlər. Texnologiya məsələsi o qədər də prinsipial məsələ deyil. Onu da Fazil müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, həm Ukraynada, həm Belorusda qəbul edilən qanunlarda bu şəkildə də yazılmışdı. Necə ki biz yazmışıq. Yəni sovet dövründən gələn bir terminologiyadır və həmin terminologiya onların da qanunlarında bu cür nəzərdə tutulmuşdur.
Aydın Həsənov və Pənah Hüseyn də bu məsələyə toxundu. Onların çıxışlarına da münasibət bildirmək istəyirəm, yəni Aydın müəllim çıxışında dedi ki, fərariyə, cinayətkara, hərbi cinayət törədən adamlara da veteran vəsiqəsi verilməlidir. Məncə, bu, sosial ədalətsizlik olar. Məhz fərariyə və hərbi cinayət törədənlərə veteran statusunun verilməsini sosial ədalətsizlik hesab edirəm. Məhz belə adamlara veteran vəsiqəsi verilməsi orduda nizam-intizamın pozulmasına gətirib çıxaran bir haldır. Fərari ilə Vətən uğrunda vicdanla, şərəflə döyüşənləri eyniləşdirməyin özü sosial ədalətsizlikdir.
Mən hesab edirəm ki, üçüncü maddəyə edilən Qeyd tamamilə yerindədir, ədalətlidir. Aydın Mirzəzadəyə təşəkkür edirəm ki, qanun layihəsini dəstəklədi.
Aydın müəllim belə bir təklif etdi ki, veteranların kateqoriyası fərqləndirilməlidir və bütün veteranlara eyni veteran vəsiqəsi verilməlidir. Hörmətli Aydın müəllim, məsələ burasındadır ki, Qanunda veteranların statusları fərqlidir. Yəni İkinci Dünya müharibəsi veteranlarının statusu bir cürdür, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş veteranların statusu başqa cürdür. Silahlı Qüvvələr veteranlarının statusu da, əmək veteranlarınınkı da fərqlidir. Məhz bu fərqli vəsiqələrin verilməsi də həmin fərqli statuslardan irəli gələn məsələdir. Qənirə xanım çıxışında yenə də veteran vəsiqələrinin verilməməsindən danışdı və müəyyən komissiya yaradılmasını təklif etdi. Mən də düşünürəm ki, Qanunda dəyişikliklər edildikdən sonra belə bir komissiya yaradılacaqdır. Bu, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətində olan bir məsələdir. Çernobıl əlillərinə, şəhid ailələrinə fərdi evlər tikilməsi məsələsi qaldırıldı. Burada həmin məsələ Qənirə xanımın və digər deputatların çıxışlarında səsləndi. Bu iş gedir. Hörmətli Prezidentimizin şəxsi təşəbbüsü ilə Qaradağda belə mənzillər tikilib. Neft Şirkəti həmin evlərin tikintisini davam etdirir. Onlar veteranlara, şəhid ailələrinə veriləcək. Bu proses davam edir.
Azay müəllim də veteranlarla bağlı Nazirlər Kabinetində qurum yaradılmasından, veteranlara əmək kvotası ayrılmasından danışdı. Mən demək istəyirəm ki, bu məsələlər bizim müzakirə etdiyimiz əlavə və dəyişikliklərin predmeti deyil. Amma bildirmək istəyirəm ki, veteranların işə qəbulu üçün Əmək Məcəlləsində kvota nəzərdə tutulub və bu kvotadan istifadə etmək lazımdır. Pənah Hüseynin çıxışı ilə bağlı fikrimi bildirdim. Bu fikri dəstəklədiyinə görə Ziyafət müəllimə təşəkkür edirəm. Əli Məsimli öz çıxışında həqiqi veteranların siyahısının dəqiqləşdirilməsini, saxtakarların məsuliyyətə cəlb olunmasını, veteran vəsiqəsi ala bilməyənlərin məsələsinin həll olunmasını qeyd etdi. Məhz bu dəyişikliklər Əli müəllimin qaldırdığı məsələlərin tənzimlənməsinə xidmət edir.
Nizami müəllimə çıxışına görə təşəkkür edirəm. Nizami müəllim və Əli Məsimli qeyd etdilər. Əfqanıstanda, Vyetnamda, İtaliyada və sair ölkələrdə gedən döyüşlərdə iştirak etmiş şəxslərin statusu nəzərdə tutulmayıb. Həmin status qanunun üçüncü maddəsində nəzərdə tutulub və belə bir şəkildə göstərilir: “Başqa ölkələrin ərazilərində gedən döyüş əməliyyatlarında iştirak etmiş Silahlı Qüvvələrin iştirakçıları”. Ölkələrin adı çəkilmir, amma “başqa ölkələr” şəklində gedir. Fuad müəllimə və Fəzail Ağamalıya təşəkkürümü bildirirəm. Bir daha vurğulamaq istəyirəm ki, “Veteranlar haqqında” Qanuna yenidən baxılmasını komissiya iş planına salıb. Bütün deputatlardan xahiş edirəm ki, öz təkliflərini komissiyaya yazılı şəkildə versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arayış? Buyurun.
C. Həsənli. Çox təşəkkür edirəm, Oqtay müəllim. Qısa arayış vermək istəyirəm. Birincisi, digər respublikaların müvafiq qanunlarında terminologiya dəyişdiyinə görə ya “İkinci Dünya müharibəsi illərində” gedir, yaxud “1939-45-ci illərdə” gedir. Biz nəzərə almalıyıq ki, 1939-cu ildə Sovet-Fin müharibəsində 50 min azərbaycanlı cəbhədə döyüşürdü. Mənə elə gəlir ki, onları Qanundan kənarda qoymaq düzgün deyil.
İkinci arayışım onunla bağlıdır ki, həm Ukraynada, həm də Pribaltikada mübahisə obyekti olan məsələ dəyişib. İstəsələr, yoxlaya da bilərlər. Belarusda qalır, amma Ukraynada və Pribaltika respublikalarında 1951-ci ilə qədər quldur dəstələrinə qarşı mübarizədə iştirak eləyənlərlə bağlı maddə çıxarılıb. Oqtay müəllim, mənə elə gəlir ki, biz bunu nəzərə almalıyıq.
Bir də, legionerlərlə bağlı məsələ. Bilirsiniz, onlar xarici ölkələrdə yaşayırlar. Bu gün Azərbaycan diaspor yaratmaq xəttini götürüb. Bu adamların varisləri, yaxud sağ qalanların bir hissəsi hesab edir ki, onlara Vətəndə münasibət yaxşı deyil. Mən təkid eləmirəm ki, onları veteranlar sırasına salaq. Amma hər halda bunlara münasibətdə yumşaldıcı ifadə, yaxud münasibət olmalıdır ki, xaricdə diaspor yaradılmasında onların qüvvəsindən səmərəli istifadə eləyə bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, komissiya sədrinin müavini ətraflı cavab verdi. Çıxışında dedi ki, bu Qanuna yaxınlarda baxılacaq və hər bir deputat Qanunla bağlı təkliflərini verə bilər. Qanun qədərincə müzakirə olundu. Bir saatdan artıqdır ki, müzakirə gedir. Xahiş edirəm, Qanuna münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 75
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 76
Yetərsay yoxdur
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofonsuz danışmayın. Hər dəfə Siz mikrofonsuz danışırsınız. 10 dəqiqə danışdınız, Pənah bəy. Özünüzü belə aparmayın. Yenə deyirəm, hər dəfə yerinizdən icazəsiz danışırsınız. Belə olmaz.
Üzr istəyirəm, səsverməni təzədən keçirin. Hər dəfə xəbərdarlıq edirəm. Elə bir iclas yoxdur ki, icazəsiz danışmayasınız.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi.
Keçirik gündəliyin ikinci məsələsinə. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi barədə. Bu məsələyə iki komissiyanın - Aqrar siyasət və İqtisadi siyasət daimi komissiyalarının iclasında baxılmışdır. Söz verilir komissiyanın sədri Eldar İbrahimova. Buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Möhtərəm Prezidentimizin təqdimatı ilə bizə “Aqrar sahədə torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun beşinci maddəsinin birinci hissəsinin altıncı abzasının qüvvədə olan redaksiyasına təklif daxil olmuşdur. 5-ci maddədə icarəyə verilən dövlət torpaqlarından bəhs edilir. Yəni dövlət mülkiyyətində olan hansı torpaqlar icarəyə verilə bilər? Dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, bitki mühafizəsi, bitki karantini xidmətlərinin, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları icarəyə verilə bilər.
Qanuna dəyişiklikdə təklif olunur ki, “bitki mühafizəsi, bitki karantini” sözləri “fitosanitar” sözləri ilə əvəz olunsun. Bu da ondan irəli gəlir ki, möhtərəm Prezidentimizin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarəti Xidməti yaradılmışdır. Ona görə də yalnız “Torpaq icarəsi haqqında” Qanunda yox, gələcəkdə digər qanunların da hamısında “bitki mühafizəsi və bitki karantini” sözləri “fitosanitar” sözləri ilə əvəz edilməlidir və yəqin ki, əvəz ediləcək. Bu qanunlara biz əlavə dəyişikliklər edəcəyik. Bu məsələyə komissiyada baxılıb. Aqrar siyasət daimi komissiyasının bütün üzvləri bu dəyişikliyi məqsədəuyğun hesab edir və ona görə də hörmətli deputat həmkarlarımdan da xahiş edirəm ki, bu əlavə dəyişikliyə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Eldar müəllimin dediklərini müdafiə eləyirəm. Komissiyada baxılıb. Eyni zamanda, “Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır” fikri irəli sürülüb. Burada söhbət nədən gedir? Sanitar-epidemioloji, baytarlıq, meşə və bitki mühafizə idarələrinin özəlləşməsi qadağan edilir. Bu məsələyə komissiyada baxılıb və komissiyanın yekdil qərarı var ki, daxil olan təklif Milli Məclis tərəfindən qəbul edilsin.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu məsələyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, bilirsiniz ki, son illər respublikamızda korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin bir hissəsi də qanunvericilik sırasına aiddir. Məhz bunları nəzərə alaraq, cənab Prezident tərəfindən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, konkret olaraq, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna əlavələr, Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə əlavələr təklif edilmişdir.
Hörmətli millət vəkilləri, hamınıza məlumdur ki, korrupsiya demokratiyaya və insan hüquqlarına təhlükə yaradır, səmərəli dövlət idarəçiliyini və sosial ədalət prinsiplərini pozur, ölkədə səmərəli investisiya mühitinə maneçilik yaradır. Bu baxımdan ölkə Prezidenti tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir.
Mən diqqətinizi cənab Prezident İlham Əliyevin 2005-ci ilin sosial-iqtisadi yekunları ilə əlaqədar keçirdiyi müşavirədə dediyi fikrə yönəltmək istərdim. Ölkə Prezidenti söyləmişdi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Bu istiqamətdə müəyyən ilkin addımlar atılıb. Amma onlar bizi qane etmir. Hesab edirəm ki, bu tənqidi fikir bütün dövlət orqanları və vəzifəli şəxslər üçün əsas olmalıdır.
Hörmətli həmkarlarım, beləliklə, ölkə Prezidenti tərəfindən cəmiyyətin korrupsiyadan müdafiəsinə yönələn, ilk növbədə ümumi cinayət siyasətinin həyata keçirilməsi zərurətini, parlamentin ratifikasiya etdiyi korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Avropa Konvensiyasının tətbiqini, eyni zamanda, Qreqo təşkilatının tövsiyələrini nəzərə almaqla bu qanun layihəsi müzakirəmizə təqdim olunmuşdur.
Vaxtın məhdudiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı mühüm məsələləri diqqətinizə çatdıracağam. Birincisi, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanunda təklif olunan əlavə müraciətlərin, yəni dövlət orqanlarına olunan müraciətlərin elektron formada da həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu çox mühüm haldır və müraciətlərin sürətlə baxılmasına köməklik göstərəcək.
Digər məsələ 10-cu maddə ilə bağlıdır. Bu maddə korrupsiya ilə əlaqədar müraciətlərin baxılmasının xüsusiyyətlərini müəyyənləşdirir. Konkret, dəqiq prosedurlar müəyyənləşdirilir ki, dövlət orqanları bu cür müraciətlərə hansı qaydada və hansı müddətdə baxmalıdır. Yeri gəlmişkən, müddətlə bağlı təklifimiz olmuşdu. Müddət 20 gündür və əlavə müddət yenə də 20 gün təklif olunurdu. Komissiyada müzakirə zamanı xahiş etdik ki, bu müddət qısaldılsın və Prezident Aparatının hüquqşünasları da razılaşdılar. Bu müddət, yəni əlavə araşdırma müddəti, hesab edirik ki, 10-15 günə qədər azaldılmalıdır.
Növbəti mühüm məsələlər Cinayət Məcəlləsinə aiddir. Bu, 51-ci maddə ilə bağlıdır. Əmlak müsadirəsi ilə bağlı dəqiqləşdirmələr aparılır. Əgər indiyə qədər cinayətin törədilməsində “alət və vasitə” anlayışı istifadə olunurdusa, indi bu anlayışlara yeni bir anlayış “cinayətin predmeti” anlayışı əlavə olunur. Yəni korrupsiya cinayətində bu, konkret olaraq, pul vasitəsidir.
İkincisi, əmlakın müsadirəsi ilə bağlı maddəyə xüsusi bir əlavə var. Bu, cinayət yolu ilə əldə olunmuş pul və digər əmlakın müsadirəsidir. Bu məsələ də müzakirə olunub və mən millət vəkillərindən xahiş edirəm ki, bununla bağlı “ümumi əmlak müsadirəsi” anlayışını qarışdırmasınlar. Çünki söhbət burada keçmiş sovet qanunvericiliyində olan ümumi əmlak müsadirəsindən getmir. Biz ona qayıtmırıq. Söhbət ancaq cinayət yolu ilə əldə olunmuş əmlakın müsadirəsindən gedir və hesab edirəm ki, bu tamamilə düzgündür. Çünki Konvensiyanın 19-cu maddəsinin tələbidir.
Digər bir məsələ Cinayət Məcəlləsinin 193-cü maddəsi ilə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması ilə bağlıdır. Hörmətli həmkarlarım, hörmətli Sədr, bu məsələ ilə bağlı komissiyada müzakirə zamanı millət vəkilləri Fəzail Ağamalı, Nizami İsgəndərov, Fazil Qəzənfəroğlu və digər millət vəkilləri dispozisiyanın üçüncü hissəsində, yəni cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən sahibkarlıq və digər iqtisadi fəaliyyətdə həyata keçirilməsi üçün istifadə edilməsi məsələsinə etirazlarını bildirmişlər. Hesab edirdilər ki, bu, qanunvericilik baxımından, Konvensiyanın tətbiqi baxımından doğru olsa da, praktikada, tətbiqdə sahibkarlıq fəaliyyətinə süni müdaxilələrə şərait yarada bilər. Mən də bu fikirlə razılaşdım və Prezident Aparatının hüquqşünasları ilə müzakirə etdik, razılaşdıq. Ona görə də “vergül” və “habelə” sözündən başlayaraq həmin hissə çıxarılır.
308-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlıdır. Məlumat vermək istəyirəm ki, burada sanksiya ağırlaşdırılır. İndiyə qədər 7 il idi, indi 8 ilə qədər olur. Bu, sadəcə, bir il artırmaq demək deyil. Məsələ burasındadır ki, cinayət qanunvericiliyində cinayətlərin təsnifatı anlayışı var və 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər az ağır cinayətlər hesab olunur. Biz onu 8 il etməklə, ağır cinayət kateqoriyasına salırıq. Hesab edirəm ki, tamamilə düzgündür. Çünki bu cür cinayətlər korrupsiya cinayətidir, ağır cinayət hesab olunmalıdır.
Yeri gəlmişkən, Cinayət Məcəlləsinin 33-cü fəslində “korrupsiya cinayəti” anlayışı verilir və bundan sonra 33-cü fəsil belə də başlayacaq. Korrupsiya cinayətləri, dövlət hakimiyyəti və sair. Artıq “korrupsiya cinayəti” anlayışı bizim cinayət qanunvericiliyinə daxil olur.
Nəhayət, Cinayət Məcəlləsi ilə bağlı iki mühüm məsələ - “rüşvətalma” və “rüşvətvermə” anlayışları ilə bağlıdır. Bununla da bağlı təklifimiz oldu ki, həmin sözlər də dispozisiyaya salınmalıdır. Maddənin adı dispozisiyada olmalıdır. Yəni “rüşvətalma, yəni vəzifəli şəxsin vəzifəsindən istifadə etmək” və sair. Bununla da bağlı Prezident Aparatının hüquqşünasları ilə razılaşmışıq. “Vəzifəli şəxsin qərarlarına təsir göstərmək” kimi yeni bir maddə, yəni “nüfuz alveri” maddəsi bizim qanunvericiliyimizdə yenidir. Amma məlumat üçün demək istəyirəm ki, bu, Avropa Konvensiyasının cinayət hüququ ilə bağlı, korrupsiyaya qarşı cinayət hüququ ilə bağlı tələbdir, 12-ci maddənin tələbidir.
Bildirmək istəyirəm ki, Konvensiyada bu məsələ həddindən artıq mürəkkəbdir. “Nüfuz alveri” anlayışı 90 sözdən ibarətdir. Biz çalışmışıq ki, bu kifayət qədər sadə olsun və işçi qrupunda da müzakirə etdik. Elə bilirəm ki, məqsədimizə çatmışıq.
Nəhayət, Cinayət Məcəlləsi ilə bağlı mühüm dəyişiklik ondan ibarətdir ki, indiyə qədər vəzifə cinayətlərində, indi isə korrupsiya cinayətlərində əmlakın müsadirəsi məsələsini qanunvericilik həmişə hakimin öhdəsinə buraxırdı. Hesab edirəm ki, bəzən bundan sui-istifadə halları olurdu. İndi qanunvericilikdə konkret olaraq müəyyənləşdirə bilərik ki, “və ya edilməməklə” sözlərini çıxarmaqla bütövlükdə bu cür cinayətlərdə əmlak müsadirəsi mütləq şəkildə qəbul olunacaq. Nəhayət, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklik bunun aidiyyəti ilə bağlıdır. Yəni bu qəbildən olan cinayətlərin prokurorluq orqanları tərəfindən araşdırılması müəyyən olunur.
Son olaraq bildirmək istəyirəm ki, hörmətli Sədr, hörmətli həmkarlarım, belə bir təsəvvür yaranmamalıdır ki, sanksiyaların ağırlaşdırılması, yəni qeyd etdiyim kimi, cinayət, rüşvətalma maddələrində sanksiyaların ağırlaşdırılması, əmlak müsadirəsi ilə bağlı məsələlər, heç də repressiv məna daşımır. Ona görə ki, cinayət qanunvericiliyinin xüsusiyyətlərindən biri də onun xəbərdarediciliyidir, çəkindirməsidir. Bu cür qanunları qəbul etməklə biz beynəlxalq hüquqi öhdəlikləri yerinə yetiririk. Bu, Konvensiyadan irəli gələn öhdəlikdir. Eyni zamanda, hər bir vəzifəli şəxs, yəni korrupsiyanın subyekti olan şəxslər bilməlidir ki, korrupsiya əməllərinə görə dövlətin siyasi iradəsi var və bu, qanunvericilikdə öz əksini tapıb. Bu addım, ilk növbədə, həmin şəxsləri korrupsiyadan çəkindirməlidir. Bu baxımdan Qanunun qəbul olunması zəruridir. Ölkədə korrupsiyaya qarşı Prezident tərəfindən həyata keçirilən və bəyan olunmuş mübarizə siyasi iradənin real qanunvericilikdə öz əksini tapması deməkdir. Mən sizə konkret olaraq, Prezident Aparatının hüquqşünasları ilə razılaşdırılmış məqamlar barədə də məlumat verdim. Onlar artıq razılaşdırılıb. Hesab edirəm ki, bu qanun layihəsini səsə qoymaq və qəbul etmək olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu Qanunun müzakirəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov, həmçinin Hüquqi Təminat və Nəzarət İdarəsinin rəisi İlqar Cəfərov iştirak edirlər. Yəni suallar olarsa, onlar cavab verərlər.
Hörmətli millət vəkilləri, fasiləyə 5 dəqiqə qalıb. Müzakirəyə başlaya bilərik. Təklif var ki, müzakirə 5 dəqiqə olsun. Kim bu təklifə razıdır, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 83
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, əvvəla, mən komissiyanın sədri Əli müəllimə təşəkkür edirəm ki, komissiyada səsləndirdiyimiz təkliflərə çox diqqətlə yanaşıb və məsləhətləşərək bir çox məsələlərin operativ həll olunmasına nail olub. Təbii ki, bütün bu qanunlar korrupsiya əleyhinə BMT-nin Konvensiyasına uyğunlaşdırmaq cəhdidir və bunu təqdirlə qarşılamalıyıq. Ölkədə korrupsiya əleyhinə mübarizə aparılmasa da, hər halda bu cür qanunların tez-tez qəbul olunması və adlarının xatırlanması çoxlarını düşünməyə məcbur edir.
Biz bu qanunla əlaqədar, həm də 12 dekabr 1996-cı ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əlavə olaraq, vəzifəli şəxslərin davranış kodeksini də qəbul etməyi nəzərdə tutmalıyıq. Bu da olduqca vacibdir. Burada konvensiyanın üçüncü fəslində kriminallaşma və hüquq-mühafizə fəaliyyəti haqqında 15-ci maddə ilə bağlı Əli müəllim də qeyd elədi ki, bu şərtlər göstərilib. Amma burada əsas diqqət onun praktiki əhəmiyyətinə cəlb olunub. Sanksiyanın nə qədər artırılması Konvensiyanın ikinci bölməsinin 5-ci maddəsində göstərilir. Bunun praktikada səmərəli olub-olmayacağından söhbət gedir. Məncə, biz elə Qanun qəbul eləməliyik ki, ölü maddəyə çevrilməsin, praktikada tətbiq oluna bilsin.
Burada hansı dəyişiklikləri təklif edirəm? 7-ci maddədə dəqiqləşdirilmə aparılmalıdır. Mən keçən dəfə komissiyada başqa formada təklif vermək istəyirdim, amma indi konkret bu cür təklif verirəm. Əli müəllim, xahiş edirəm, nəzərə alasınız. Bu redaksiyada verilsə, daha doğru olar: “Vətəndaşlar tərəfindən elektron formada müraciət olunarsa, dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilərlər.” Çünki vətəndaşların bir çoxu elektron formadan istifadə etmirlər və dövlət orqanları tərəfindən onlara qarşı hər hansı bir maneçilik olmasın deyə, vətəndaşa bu hüququ tanımaq lazımdır.
10-cu maddədə “Xidməti yoxlama müvafiq dövlət hakimiyyəti orqanının daxili nəzarət xidməti tərəfindən həyata keçirilir” sözlərinin çıxarılmasını təklif edirəm. Çünki elə dövlət orqanı var ki, orada müvafiq nəzarət xidməti orqanı yaradılmayıb. Hər hansı bir idarənin rəhbəri özünün müavininə, ya başqa səlahiyyətli şəxslərə bu işi həvalə eləyə bilər. Bu baxımdan məhdudiyyət qoymağa, yaxud çətinlik yaratmağa, məncə, ehtiyac yoxdur. 10-15 gün məsələsi doğru qərardır. Biz də hesab edirik ki, təhqiqat 10 gün çəkirsə, adi cinayət işində bunun 10-15 günə endirilməsi vətəndaşın marağına uyğundur.
Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə ən müəmmalı məsələ cinayətin predmeti məsələsidir. Cinayətin vasitələri anlaşılandır. Cinayətin predmetinin müsadirə edilməsi mütləq hüquqi mübahisələr doğuracaq. Bunu korrupsiyaya aid etmək olar. Amma bütün Cinayət Məcəlləsində əmlak müsadirəsinin əsas elementi kimi cinayətin predmetinin mənimsənilməsi, məncə, düzgün yanaşma deyil. Çünki bu, vətəndaşın marağına uyğun olmayacaq. Bu məsələ onun oğurlanmış, götürülmüş, qəsd olunmuş əmlakına şamil olunacaq. Bu da onun marağına uyğun deyil.
Burada leqallaşma məsələsi ilə bağlı maddənin çıxmasını müsbət hesab edirəm. Mənə elə gəlir ki, Qanunda cəmi 10 subyekt göstərilib. 10 maddə üzrə, bənd üzrə göstərilib ki, subyektlər kimlərdir. Qazaxıstanda 4 subyekt göstərilib. Məsələn, icra başçısı göstərilirsə, icra hakimiyyətinin hansısa şöbə müdirini göstərmək absurddur. Çünki icra başçısı deməyəndən sonra şöbə müdiri hansı korrupsiya əməlində xüsusi bir təşəbbüslə çıxış edəcək? Bir çox məsələlərə praktik baxımdan yanaşmaq daha doğru olardı.
Qanunda mötərizələr məsələsinə diqqət yetirmək lazımdır. Mənə elə gəlir ki, sözün açılışını mötərizədə vermək doğru deyil. Nə “rüşvətalma”da, nə də “rüşvətvermə”də aktiv rüşvətxorluq, passiv rüşvətxorluq göstərilməməlidir. Digər məsələ isə bütövlükdə “korrupsiya cinayətləri” termininin işlənilməsi ilə bağlıdır. Hüquqi ədəbiyyatda belə bir termin yoxdur, “korrupsiya” var. Bunun korrupsiya cinayətləri kimi göstərilməsi, məncə, məqsədəuyğun sayıla bilməz. Sonra, cinayət yolu ilə əldə edilmiş əmlak və cinayətin predmeti ilə bağlı 51.3-cü maddədə göstərilir: “Dövlət nəfinə alına bilinmədiyi halda pul və ya əmlak müsadirə olunur.” Bu da anlaşılmayan bir maddədir. Çünki həmin əmlak şəxsin korrupsiya yolu ilə əldə etdiyi əmlaka adekvat deyilsə, tutaq ki, 1 milyard manatlıq əmlakdırsa, 500 milyonluq əmlakı müsadirə eləyirsənsə, şəxs dövlətə neçə il borclu qalmalıdır?
Sədrlik edən. Yekunlaşdırın.
F. Mustafayev. Mən bu dəyişikliyi müsbət hesab edirəm, lehinə səs verəcəyəm. Amma bu məqamlara diqqət eləmək lazımdır ki, Qanun dəqiq öz mahiyyətini ifadə eləyə bilsin.
Sədrlik edən. Sağ olun, saat 4-ə kimi tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, əyləşin, iclası davam eləyək. Əvvəlki siyahı üzrə davam eləyirik. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, müzakirə olunan məsələ ilə bağlı, xüsusi ilə 51-ci maddə ilə əlaqədar öz fikrimi bildirmək istəyirəm. Burada qeyd olunur ki, cinayətin predmeti özgəninkiləşdirilirsə, yaxud başqa səbəblərdən dövlət tərəfindən alına bilmirsə, həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus pul və ya digər əmlak müsadirə edilir. Burada cinayətin predmeti dedikdə, mən bunun nəzəri tərəflərinə toxunmadan, qeyd eləmək istəyirəm ki, cinayətin predmeti korrupsiyada nəzərdə tutulduğu kimi, təkcə valyuta deyil, pul deyil. Burada hüquqşünaslar var, Əli müəllim özü də qulaq asır. Dövriyyədən çıxarılmış radioaktiv maddələr, zəhərləyici maddələr, silah və digər predmetlər də cinayətin predmeti ola bilər. İndi gəlin, qaçaqmalçılıq cinayətini götürək. Cinayətin predmeti, misal üçün, zəhərdir. Azərbaycanın ərazisinə zəhərli maddə keçirilib və tutaq ki, burada satılıb; ya silah keçirilib, satılıb. İndi bunu müsadirə eləmək mümkün deyil. Bu halda gərək onun dəyəri məbləğində əmlakı müsadirə olunsun. O dəyər necə müəyyənləşdiriləcək? Silahın qara bazarda qiymətini istintaq orqanı necə müəyyənləşdirəcək? Yaxud zəhər keçirilib, radioaktiv maddə keçirilib, kütləvi qırğın silahının hansısa bir komponenti keçirilib. Bilirsiniz, vaxtı ilə Qazaxdan keçirəndə sərhəddə tutmuşdular. Buna görə cinayətin predmetini korrupsiya cinayətinin predmeti kimi məhdudlaşdırmaq olmaz. Burada hüquqşünas alimlər var və yəqin ki, onlar da bunu qeyd eləyərlər.
Cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, cinayətin predmetindən götürülən gəlir də ora daxildir. Burada əmlak deyəndə həm valyuta, həm də daşınmaz əmlak nəzərdə tutulur. Mən özüm də hüquq-mühafizə orqanlarında işləmişəm və cinayət hüququ üzrə mühazirə oxumuşam. Bilirəm ki, bu, praktikada ciddi problemlər yaradacaq. İstintaq orqanları tərəfindən həmin qiymət müəyyənləşdirilə bilməyəcək. Zəhərli maddənin, yaxud narkotik vasitənin qiyməti necə müəyyənləşdiriləcək ki, həmin məbləğ sonradan dövlət tərəfindən müsadirə olunmuş əmlakdan tutulsun. Burada “cinayətin predmeti” sözləri çıxarılandan sonra qalan məsələlər tamamilə başa düşülür və tətbiqi də mümkün olur.
Cinayət yolu ilə əldə edilmiş əmlak özgəninkiləşdiyi və ya başqa səbəblərdən dövlət tərəfindən alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə olunur. Tutaq ki, bu, bahalı bir şeydir, amma onu ucuz qiymətə satıb. Biz onda həmin şəxsə deyək ki, cinayətin predmeti dəyərində sənin əmlakını müsadirə eləməliyik. Məncə, bu, ədalətlilik prinsipinə uyğun deyil.
Başqa bir məsələ rüşvətvermə ilə bağlı hissədir. Mən bilmirəm, indi Milli Məclis bu məsələyə baxmağa nə dərəcədə hazırdır. Amma hər halda bu məsələni mən qaldırıram. Yəqin ki, bu, gələcəkdə lazım olar. Biz mütləq qanunvericiliyin bu hissəsinə əlavə və dəyişiklik eləməliyik. Orada qeyd olunur ki, əgər rüşvət alan hədə-qorxu ilə rüşvət alırsa və rüşvətverən gedib bu barədə könüllü məlumat verirsə, cinayət məsuliyyətindən azad olunur. Oqtay müəllim, hazırda bir neçə nazir korrupsiya faktlarına görə məsuliyyətə cəlb olunub. İndi onlara rüşvət vermiş hansı adam gedib deyər ki, mən rüşvət vermişəm? Bilir ki, rüşvət verməyə görə də məsuliyyət var və o özü də məsuliyyətə cəlb olunacaq.
Biz burada Qeyd hissəsində düzəliş eləməliyik. Bu, keçid dövrü üçün, 10 il üçün və ya 5 il üçün nəzərdə tutula bilər. Əgər şəxs bu və ya digər qanunla qorunan hüquq və mənafelərini həyata keçirmək üçün, öz hüquqlarından istifadə etmək üçün rüşvət verirsə, o, cinayət məsuliyyətindən azad olunur. Misal üçün, mən millət vəkiliyəm, amma silah ala bilmirəm. Baxmayaraq ki, qanunda buna hüququm var. Bir başqası, tutaq ki, sahibkar mənzil tikdirmək istəyir, hüququ var, amma torpağa sərəncam vermirlər. Məcbur olur, deyir, gəlirimin bir hissəsini aparım rüşvət verim, işimi gördürüm. Ona görə də mən hesab edirəm ki, əgər şəxs qanunsuz iş görmürsə, öz hüquqlarından istifadə etmək üçün, qanuni mənafelərini təmin etmək üçün rüşvət verirsə...
Sədrlik edən. Silah almaq üçün rüşvət vermək lazımdır? Belə çıxır? Yəni mən belə başa düşdüm. Oldu. Çox sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlarım, son illər ölkədə aparılan ardıcıl və məqsədyönlü iqtisadi və siyasi islahatlar Azərbaycanın həmin islahatlara sözdə deyil, əməldə hazır olduğunu bir daha sübut edir və dünya ictimaiyyətinə nümayiş etdirir. Bu islahatların ən vaciblərindən biri də korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlardır.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün istənilən ölkə başçısının siyasi iradəsi tələb olunur. Bildiyiniz kimi, həmin iradə ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən ortaya qoyulmuşdur. Həmin iradənin nəticəsi kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu misal gətirmək olar. Bundan əlavə, korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət proqramı işlənib hazırlanmışdır. Bu proqramın “Korrupsiyaya qarşı mübarizə tədbirləri” adlanan 2-ci fəslində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlər nəzərdə tutulmuşdur. Beynəlxalq konvensiyalara uyğun olaraq, həmin tədbirlərdən biri də korrupsiya ilə bağlı bir sıra əməllərin cinayət kimi tanınmasıdır. Həmin əməllərə görə məsuliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Azər-
baycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsi də həmin proqramın tələblərindən irəli gəlir. Qanun layihəsi ilə diqqətlə tanış olduğum üçün deyə bilərəm ki, bu, vaxtında irəli sürülmüş təşəbbüsdür. Onu bəyənirəm və lehinə səs verəcəyəm. Milli Məclisin təsdiqlədiyi qanunlar həm hüquq mühafizə orqanları üçün, həm də Azərbaycan Respublikası vətəndaşları və respublikada fəaliyyət göstərən beynəlxalq təşkilatlar üçün birmənalı, aydın və anlaşılan olmalıdır.
Vaxt aparmamaq məqsədi ilə qanun layihəsinin 311 və 312-ci maddələri barədə qısaca da olsa, fikirlərimi bildirmək istərdim. Hər iki maddədə söhbət aktiv və passiv rüşvətxorluqdan gedir. Doğrudur, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” 27 yanvar 1999-cu il tarixli Konvensiyada bu ifadələrdən istifadə edilir. Lakin “Korrupsiya ilə mübarizə haqqında” BMT-nin Konvensiyasında bu ifadələrdən istifadə edilmir. Söhbət vəzifəli şəxsin ələ alınmasından gedir. Fikrimcə, “aktiv və passiv rüşvətxorluq” ifadəsi maddələrdən çıxarılsa, daha məqsədəmüvafiq olardı. Maddənin dispozisiyasına görə maddi və sairə nemət, imtiyaz və ya güzəşt istəməsi cinayət hesab olunur. Hüquq mühafizə orqanlarının işçiləri gözəl bilirlər ki, vəzifəli şəxsə rüşvət aldığını sübut etmək çox çətindir. Gəlin görək, maddi və sairə nemət, imtiyaz və ya güzəşt istəməsini kim müəyyən edəcək? Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Avropa Konvensiyasının 3-cü maddəsində söhbət istənilmədən gedir. Bu, tərcümənin xətasıdır. Ona görə də “istənməsi” sözü 311.1-ci maddədən çıxarılmalıdır. BMT-nin məlum konvensiyasında söhbət tələbetmədən gedir. Daha sonra 311.1-də “güzəştli” sözündən sonra “rüşvət kimi tələb etməsi” və ya “alması” getsə, daha düzgün olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli deputatlar! Vətəndaşların müraciətinə ədalətlə baxılması əhali tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Bu Qanunun qəbul olunması insanlarda dövlətə, hakimiyyətə inamı artırır və hər bir vətəndaş öz hüquqlarının qorunması üçün səlahiyyət qazanır. Bu isə cəmiyyətdə sabitliyin, demokratiyanın inkişafına xidmət edir. Milli Məclis tərəfindən qəbul olunmuş qanunlar Azərbaycanın reallığına və cəmiyyətinə uyğundur. Bu qanunlara dəyişiklik və əlavələrin vaxtaşırı Milli Məclisə təqdim edilməsini müsbət qiymətləndirirəm. Bu o deməkdir ki, qəbul olunmuş qanunlar işlək olduğu üçün cəmiyyətdə istifadə zamanı ortaya boşluqlar çıxır. Bu Qanunun da mükəmməl olması üçün bəzi təkliflərimi deputat həmkarlarımın və komissiya üzvlərinin nəzərinə çatdırıram.
Qanunun “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” 7-ci maddəsində “işini” sözündən sonra “müəyyən edilmiş qayda ilə” sözləri əlavə edilsə, daha düzgün olardı. Maddə 10.1.2-də ikinci cümlənin “xidməti” sözündən sonra “və ya belə bir nəzarət funksiyası həvalə edilmiş daimi və ya müvəqqəti struktur qurumu” sözləri əlavə edilsə, daha yaxşı olardı. Maddə 10.1.2-də və 10.1.6-da “20 gün” sözləri “15 gün” sözləri ilə əvəz edilsin. Çünki həmin Qanunla müraciətlərə baxılma müddəti maksimum 30 gündür. Maddə 10.1.3-də “üzrə” sözündən sonra “əsaslandırılmış formada” sözləri əlavə edilsə, daha mükəmməl olar. Maddə 10.1.5-də “orqanına” sözündən sonra “və ya məhkəməyə” sözləri əlavə edilməklə, 2-ci cümlə çıxarılsa, daha konkret olardı.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərə aid həm zamanın ağırlığına, həm də korrupsiya hadisəsinin ictimai siyasi qiymətinə görə rüşvətalma aktiv rüşvətxorluq, rüşvətvermə isə passiv rüşvətxorluq hesab edilməlidir. Bu səbəbdən 311-ci və 312-ci maddələrin adında “passiv” sözü “aktiv” sözü ilə, “aktiv” sözü isə “passiv” sözü ilə əvəz edilsə, daha düzgün olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən də hesab edirəm ki, bu əlavə və dəyişikliklər bir sıra qaydaların konkretləşməsinə imkan verəcəkdir. Ona görə də bunları qəbul etmək məqsədə uyğun olar. Eyni zamanda, mən 308-ci maddənin 1-ci hissəsinə diqqəti cəlb eləmək istəyirəm. Məqsədim qanunun əsas təyinatına deyil, bir sıra məsələlərə aydınlıq və konkretlik gətirməkdir. Məncə, 308-ci maddənin 1-ci hissəsində bu, əksinə olub. 308.1-in qüvvədə olan mətninə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin tamah və ya şəxsi maraq üzündən öz qulluq səlahiyyətlərindən istifadə eləməsidir. Bu da çox az maddələrdən biridir ki, bizim Cinayət Məcəlləsində cinayətin motivi kimi həmin maddənin dispozisiyasında əks olunubdur. Yəni burada tamah və şəxsi maraq motivi ifadə olunubdur və kifayət qədər konkret və aydın anlayışlardır. Amma 308.1-in təklif olunan redaksiyasında vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə və sairə gedir. Bu qanunsuz üstünlük əldə etmək məqsədi təzə bir motiv kimi meydana çıxır. Sözün doğrusu, bunu o qədər də uğurlu hesab eləmirəm. Ümumiyyətlə, bunun nə olduğu, yəni bu üstünlüyün nə olduğu məlum deyil. Bu da uğursuz tərcümələrdən biridir. Mən hər halda maraqlandım. Deyildi ki, bu da beynəlxalq konvensiyanın müəyyən müddəalarının Azərbaycan dilinə tərcüməsi ilə bağlı olan bir məsələdir. Amma hər halda burada xeyli qeyri-müəyyənlik qalmaqdadır. Burada tamah və şəxsi maraq məsələlərinin daha konkret olması doğru olardı.
Bütövlükdə Qanunun işləməsi özü qədər vacibdir və ümid eləyək ki, bu təklif olunan əlavə və dəyişikliklər də bizim korrupsiyaya aid qanunlarımızın işləməsinə, o cümlədən korrupsiyanın profilaktikasına xidmət edəcəkdir. Heç şübhəsiz ki, hər halda Qanunun olmamasından Qanunun olması vacibdir. Bəzi müddəalar indi, bəziləri gələcəkdə işləyəcək. Onun cəmiyyətə müəyyən təsiri də olacaqdır.
O baxımdan mən də bu əlavə və dəyişikliklərə səs verilməsinin tərəfdarıyam.
Qüdrət bəyin 53-cü maddəyə olan təkliflərinə mən də qoşuluram. Orada nəzəri baxımdan müəyyən məsələlər, problemlər, suallar meydana çıxır. Eyni zamanda, hesab edirəm ki, 51-ci maddənin 3-cü hissəsini, prinsipcə, 51-ci maddənin 1-ci bəndi ilə birləşdirmək mümkündür.
Hörmətli Sədr, mən sözümün sonunda bir məsələyə toxunmaq istəyirəm. Çünki bəzən bizim çıxışlarımızdan sonra məruzəçilər tərəfindən verilən şərhlər, ən azı mənim subyektiv fikrimə görə, təhrif kimi səslənir. Ona görə də Milli Məclisin Nizamnaməsinin və ya “Deputat statusu haqqında” Qanunun imkanlarından istifadə edərək, buna aydınlıq gətirmək lazım gəlir. O halda da biz, istər-istəməz, yerdən söz istəməli oluruq. Söz istəyərkən bu hansısa bir qanun pozuntusu kimi dəyərləndirilməməlidir. Ötən məsələnin müzakirəsi zamanı mənim fikrim çox ciddi şəkildə təhrif olunmuşdur. Mənim hüququm var ki, Sizdən icazə istəyərək, həmin məsələyə bir dəqiqəlik bir arayış verim. Baxmayaraq ki, Qanunda bu, 3 dəqiqə nəzərdə tutulub. Ona görə də mən bayaqkı məsələdə öz hüququmun pozulmasına etiraz eləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Vaxtı ilə komissiyaya təqdim olunmuş qanun layihəsinin bir maddəsinə etirazımı bildirmişdim. Təşəkkür edirəm ki, Əli Hüseynov bunu işçi qaydasında həll eləyə bildi. Mən bütün komissiya sədrlərindən xahiş edərdim ki, bu cür praktikadan istifadə eləsinlər. Belə olsa, bir sıra məsələlər Milli Məclisin geniş iclasına çıxarılmaz. Ona görə də mən öz çıxışımdan imtina eləyirəm və mümkünsə, yekunlaşdıraq, növbəti layihəni müzakirə edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Sağ olun, hörmətli Sədr. Bəllidir ki, dünyada korrupsiyanın səviyyəsini araşdıran və ölkələr üzrə sıralamasını müəyyən eləyən bir təşkilat var. Bu, Transparency İnternational”dır. Bu təşkilatın məlumatına görə, 2004-cü ildə korrupsiyanın yayılmasına görə Azərbaycan araşdırılan 146 ölkə arasında 141-ci yerdədir. Ermənistan 82-ci yerdədir. Azərbaycandan daha pis vəziyyət yalnız Namibiya adlanan bir ölkədə, Çadda, Nigeriyada, Haiti və Banqladeşdə olub. Adətən, tez-tez belə bir arqumentə rast gəlirik ki, bütün ölkələrdə korrupsiya var. Məncə, bu çox zəif arqumentdir və bununla özümüzə təskinlik verə bilmərik.
Korrupsiyanın yayılma dərəcəsi bizdə xeyli fərqlənir. Etiraf etməliyik ki, korrupsiya artıq bizdə milli təhlükəsizliyimizi təhdid edən amillərdən birinə çevrilib. Lap yeni bir misal deyim. Nümunə olaraq, son aylarda Bakıya köçən iranlıların vətəndaşlıq almalarını göstərmək olar. Bu barədə mətbuatda çox yazılıb. Başıma gələn bir hadisəni sizə danışmaq istəyirəm. 1993-cü ildə şübhəli bildiyimiz bir adama viza verməkdən imtina etmişdik. Bu yaxınlarda həmin şəxs mənə acıq verərək dedi ki, bax, görürsünüz, mən hətta Azərbaycan pasportunu belə almışam. Mənim araşdırmama görə, bu cür faktlar çox sürətlə artır.
Müqayisə üçün onu da deyim ki, Cənubi Azərbaycandan və ya İrandan gəlmiş milli hərəkat üzvləri bir müddət Azərbaycanda yaşayıblar. Böyük Rəsuloğlu deyilən və indi Azərbaycanı tərk eləmiş milli hərəkat nümayəndələrindən biri üçün vətəndaşlıq xahiş olunmuşdu. Ən hörmətli ağsaqqallar Prezident səviyyəsində xahiş etmişdilər. Ona və başqa şəxslərə vətəndaşlıq verilmədi. İndi onların hamısı Avropadadır.
Azərbaycanın imicinin qeydinə qalanların diqqətinə bir faktı çatdırmaq istəyirəm. Dövlət Yol Polisinin baş hərflərini xaricilər məsxərəyə qoyurlar. İngilis dilində “did yo pay?” “ödədin?” deməkdir. 2003-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbulu, onun qüvvəyə minməsi və Prezident fərmanı yaxşıdır. Amma işləmir. Ən azından yaxşı işləmir. Niyə? Mənim fikrimcə, bu xeyli dərəcədə naqisdir və bu cür dəyişikliklər tez-tez olacaq. Bunlardan yalnız iki vacib istiqaməti demək istəyirəm. Birincisi, şəffaflıq yoxdur. Əmlak varlığı haqqında bəyannamə, əslində, yüksək rütbəli dövlət qulluqçularını nəzarətdə saxlamaq vasitəsinə çevrilib. Halbuki korrupsiyaya qarşı mübarizədə şəffaflığın olması zəruridir.
İkinci zəruri şərt ictimai qınağın olmasıdır. Daha doğrusu, bu sahədə ictimai qınağın təşkil edilməməsidir. Yüksək rütbəli iqtidar nümayəndələrindən çox az-az hallarda eşidirik ki, desin: “korrupsiya, rüşvət pis şeydir, ağır cinayətdir, ictimai baxımdan əxlaqsızlıqdır”. Bu da maraqlı faktdır ki, bizdə yanlış bir fikir formalaşıb. Adətən, deyirlər ki, bizim millət artıq rüşvətə alışıb, rüşvət artıq onun qanına işləyib. Bu, məncə, öz millətinə iftira atmaqdır. Araşdırmalar göstərir ki, xalq korrupsiyadan nəinki əziyyət çəkir, həm də onu qınayır, rədd edir. Ondan canını qurtarmaq istəyir. Bir ciddi araşdırmanın nəticələrinə görə, rəyi soruşulan vətəndaşların 88 faizi korrupsiyanı qınayır, hətta onu lənətləyir.
Təklifim: Milli Məclis adından icraedici hakimiyyətə tövsiyə edilsin ki, ictimai qınaq yaratma istiqamətində fəaliyyətə başlansın. Məsələn, ölkə başçısı, ya dövlətin 2-ci, 3-cü, 4-cü şəxsi mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə çərçivəsində müşavirələr keçirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, bu əlavələrə səs verəcəyəm. Əgər mümkünsə, Əli müəllim iki məqama aydınlıq gətirsin, ya da gələcəkdə bunların nəzərə alınması ilə bağlı fikrini bildirsin. Mən həyatda olan iki məqamı demək istəyirəm, çünki bu məqamı maddə 311 ilə müəyyən qədər əlaqələndirmək mümkündür. Burada göstərilir ki, passiv rüşvətxorluğa görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmək olar. Bugünkü reallıq ondan ibarətdir ki, vəzifə borcunu yerinə yetirərkən rüşvət üstündə tutulub həbsxanaya salınmış, cinayət işi açılmış insan həbsxanadan çıxdıqdan bir müddət sonra həmin vəzifəyə paralel olan digər vəzifəyə işə götürülür. Konkret faktlar var. Sadəcə, burada sadalamağa lüzum görmürəm. Bu, həyatda baş vermiş hadisədir.
İkinci hadisə ondan ibarətdir ki, bu gün çox maraqlı bir tendensiya yaranır. Biz fikirləşirik ki, Milli Məclis olaraq, nə qədər bu fikri ictimailəşdirə bilsək, nə qədər korrupsiya ilə, rüşvətlə bağlı cinayətin cəzasını yüksək eləsək, yəqin ki, cəmiyyətdə, ümumiyyətlə, insanların beynində rüşvətə ikrah hissi oyanacaq. Millət vəkili kimi, mənə kifayət qədər müraciətlər olunur. Bu gün bir çox təşkilatlarda hər hansı bir işçidən canını qurtarmaq istəyən səlahiyyət sahibləri həmin işçiləri belə bir fakt qarşısında qoyurlar. Ya ərizəni yaz, işdən çıx, ya da səni rüşvətlə tutduracağam. Mən hüquqşünaslardan və hörmətli Əli müəllimdən soruşmaq istərdim. Aydın məsələdir ki, bu şantajdır. Yəni Əli müəllim də deyəcək ki, bu şantajdır. Amma birbaşa rüşvətlə bağlı olduğu üçün çox maraqlanırdım. Sözün əsil mənasında, rüşvətlə tutdurma kimi məsələləri biz qanunda şantaj və ya digər adlar altında qəbul eləyirik. Əgər rüşvət verməyə “aktiv rüşvətxorluq” deyəcəyiksə, rüşvət almağa “passiv rüşvətxorluq” deyəcəyiksə, rüşvəti imitasiya etməyə nə deyə bilərik? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Oqtay müəllim, təşəkkür edirəm. Mənim demək istədiyim sözlər artıq deputat həmkarlarım tərəfindən deyildiyindən çıxış eləmirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Adları yazılanlardan çıxış üçün təkid eləyən yoxdur ki? Vahid müəllim təkid eləyir. Özü də iclasa gecikir, ikinci dəfə yazılır. Xahiş edirəm, qısa bir şəkildə. Sonra da Əli müəllim suallara cavab verər.
V. Əhmədov. Burada qısa bir məsələ var. 190-cı maddənin “e” hissəsində texniki qüsura yol verilib. Görünür, düzgün köçürülməyib. Orada söhbət şərti maliyyə vahidindən gedir. Yəni min mislindən yeddi min mislinədək. Amma 311-ci maddədə minimum əmək haqqından söhbət gedir. Bu böyük fərqdir. “Şərti maliyyə vahidi” getməlidir. Onu dəyişdirmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, Siz də təkid eləyirsiniz? Onda hamı təkid eləyə-eləyə gedəcək. Buyurun.
S. Hacıyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən çalışaram, 1-2 dəqiqəyə yekunlaşdırım. Əli müəllim çıxışında qeyd etdi. Ona görə də mən Qanunun vacibliyindən danışmaq istəmirəm. Təbii ki, mən də bu Qanuna səs vermək niyyətindəyəm. Burada 190-cı maddədən “sahibkarlıqla məşğul olmaq” ifadəsi çıxarıldı. Həmin cümlə bütövlükdə çıxarılsa da, yuxarıda göstərilən cümlələr bunun tərkib hissəsidir. Əgər biz bu cümlələri çıxarırıqsa, “sahibkarlıqla məşğul olmaq istisna edilməklə” sözlərini yazmalıyıq. Yuxarıda göstərilir ki, hər bir vasitədən istifadə etmək əməliyyat aparmağın tərkib hissəsinə daxildir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq da bura daxildir. Onu saxlamaq lazımdır. Lakin yazmaq lazımdır ki, “istisna olmaqla”. Yoxsa bu cümlə çıxsa, insanları məsuliyyətə cəlb eləyə bilərlər.
312.1-ci maddə ilə bağlı. Burada nüfuz alverindən söhbət gedir. Belə çıxır ki, hər bir vətəndaş harasa müraciət eləyə bilər, özü üçün hansısa bir imtiyaz, nemət və ya güzəşt tələb eləyə bilər, yaxud xahiş eləyə bilər. Maddədən elə görünür ki, əgər belə bir addım atsa, məsuliyyətə cəlb oluna bilər. İstər kənd səviyyəsində, istər şəhər səviyyəsində, istərsə də respublika səviyyəsində hər bir insanın nüfuzu ola bilər. O cümlədən, vəzifəli şəxslər də kənd səviyyəsində, rayon səviyyəsində və respublika səviyyəsində nüfuz sahibi ola bilər. Ona görə bu maddələrə aydınlıq gətirmək lazımdır. Təsir etmək nə deməkdir? Vəzifəli şəxsə nüfuzlu bir adam da müraciət edə bilər. Onun müraciəti təsir etmək kimi qəbul olunur? Burada yazılıb ki, əgər hansısa maddi və ya sair nemət istəyirsə, o, cinayət məsuliyyətinə cəlb olunur. Burada göstərilməlidir ki, onun vəzifəli şəxsdən asılacağı varmı? Yaxud təsir formaları konkret göstərilməlidir ki, Qanundan istifadə olunanda lazımsız problemlər ortaya çıxmasın. Ona görə də istərdim, hər iki məsələyə burada çıxış eləyənlər aydınlıq gətirsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, bundan sonra çox ciddi məsələlər müzakirə olunacaq. Üstəlik dəvət olunmuş şəxslər var. Hər dəfə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihələri müzakirəyə çıxarılanda mövzu bir qədər şişirdilir, siyasiləşdirilir. Azərbaycanı hər dəfə ittiham eləmək istəyirlər, başqa ölkələrdən fərqimizi göstərmək istəyirlər. Bircə kəlmə deyə bilərəm. Bizdən başqa heç bir ölkədə ola bilməz ki, kimsə korrupsiya ilə bağlı ittiham olunsun, haqqında istintaq getsin, amma onu siyasi məhbus elan etsinlər. Bu mənim cavabımdır. Bu fikri söyləyənlər bunu da gərək nəzərə alsınlar. Bu məsələ ilə bağlı sırf hüquqi məqsədləri bizim komissiyanın üzvləri qaldırdılar. Komissiyada da ciddi müzakirə getmişdi. Məsələlərin böyük əksəriyyəti haqqında məlumat verildi. Prezident Aparatı ilə razılaşdırmışdıq. Bir neçə hüquqi detallar, məsələn, nüfuz alveri ilə bağlı mən bir təklif edim.
Bir fikri də vurğulamaq istəyirəm. Burada belə bir fikir söylənildi ki, tərcümə qüsurudur. Tərcümə qüsuru olmur. İşçi qrupunda çalışanlar çox yüksək səviyyəli peşəkarlardır. Xarici dilləri bilirlər, özləri şərhlər verirlər, Strasburq, Sarbon universitetinin məzunlarıdır. Burada heç bir problem yoxdur. Sadəcə, Konvensiyanın milli qanunvericiliyə tətbiqi o demək deyil ki, onun maddələri olduğu kimi köçürülməlidir. Əgər nüfuz alveri ilə bağlı maddəni köçürsəydik, gərək 90 sözdən ibarət maddə yazaydıq.
Əlbəttə, burada sırf hüquqi mübahisələr ola bilər. Ona görə də təklif edirəm ki, layihə səsə qoyulsun, qəbul edilsin. Bizim komissiyanın üzvləri arasında da rüşvət alma maddəsi ilə bağlı (312-ci maddə) bir qədər fərqli fikirlər, təkliflər var. Namiq Əsgərov da, işçi qrupunun üzvləri də buradadır. Biz bu məsələni elə indi detallarınadək izah eləyə bilərik. Yəni irəliləyiş olacaqsa, Məclisdən kənarda mən bunu həyata keçirə bilərəm. Çünki bu, Prezident Aparatı ilə razılaşdırılmalıdır. Amma sırf hüquqi mübahisə olacaq. Sizi bununla yormaq istəmirəm. Ona görə hesab edirəm ki, qanun layihəsinin qəbul olunması vacibdir.
Ölkədə korrupsiyaya qarşı mübarizə gedir. Deyirlər ki, əgər ölkə Prezidenti bu cür qanun layihəsi təqdim edirsə, deməli, ölkədə Prezidentin siyasi iradəsi var. Nə ehtiyac var ki, başqa-başqa səviyyələrdə bəyanatlar olsun, müşavirələr olsun. III Çağırış Milli Məclisin ilk iclasında Prezident rüşvətxorluqla, ictimai nəzarətin möhkəmləndirilməsi ilə, korrupsiya ilə bağlı 2005-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ciddi fikirlər söyləyib. Təbii ki, bunlar həyata keçirilməlidir. Parlament də ictimai nəzarəti gücləndirməlidir. Bunlar bizim daimi işimizdir. Elə bilirəm ki, qanun layihəsinin zərurəti birmənalı şəkildə parlament tərəfindən dəstəklənir və bunu qəbul etmək lazımdır.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm, qədərincə müzakirə olundu. Təklif var, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsinə keçirik. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, texniki redaktə xarakterli düzəlişdir. Bilirsiniz ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatları qəbul edən orqanlar mövcuddur. Maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarını parlamentdə qəbul etmişik. Bilirsiniz ki, bundan sonra, Məhkəmə-Hüquq Şurası barədə Qanun qəbul olundu, Məhkəmə-Hüquq Şurası formalaşdırıldı və Məhkəmə-Hüquq Şurasının da Aparatı mövcuddur. Bu Aparatın da rəhbərinin üçüncü bənddə adının sadalanması vacibdir. Çünki o da müxtəlif məhkəmə orqanlarının aparatları səviyyəsində olan vəzifəli şəxsdir. Ona görə də maliyyə xarakterli məlumatları təqdim etməlidir. Hesab edirəm ki, bu düzəliş tamamilə yerindədir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, bu məsələyə İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə də münasibətini bildirsin.
Z. Səmədzadə. Biz də komissiyada müzakirə etmişik. Burada 3.1-ci maddəyə Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbərləri əlavə olunur. Yəni maliyyə xarakterli məlumatları qəbul edən orqanlar siyahısına Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbərləri də daxil edilir.
Sədrlik edən. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Oqtay müəllim, qısa bir təklif vermək istəyirəm. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın da Aparatı formalaşıb, onun da rəhbəri var. Amma onu qeyd eləmirik. Mən hesab edirəm ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəhbəri də ora əlavə olunmalıdır. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri indi vəzifəli şəxslərdir. Amma biz qanunvericilikdə müvafiq dəyişiklik eləməliyik. Çünki sabah vəzifəli şəxs olmayan bir adam da ora təyin oluna bilər. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri birbaşa Prezidentə hesabat versinlər. Sağ olun.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun.
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun. Qəbul edildi.
Gündəliyin 5-ci məsələsi Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova, buyurun. Sizin nəzərinizə çatdırım ki, bu müzakirədə respublikanın görkəmli onkoloqları, alimləri, akademikləri iştirak edirlər. Suallar olsa, yəqin ki, aydınlıq gətirəcəklər.
M. Həsənova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli millət vəkilləri, əhalinin, xüsusən də aztəminatlı hissəsinin sosial problemlərinin müdafiəsi dövlət siyasətimizin prioritet sahələrindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu istiqamətdə ardıcıl və dönmədən iş aparır. Məhz bu işin nəticəsidir ki, həyatımızın bütün sahələrində, o cümlədən sosial məsələlərdə müsbət dəyişikliklər baş verməkdədir.
Sosial siyasət daimi komissiyası bu gün sizin müzakirənizə Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edir. Bu layihənin hazırlanaraq müzakirənizə çıxarılmasını bir çox amillər zəruri etmişdir. Belə ki, onkologiyanın problemlərinin aktuallığı, onların mürəkkəbliyi, bədxassəli şişlərlə xəstələnmə, bu səbəbdən ölüm göstəricilərinin yüksək olması və nəticədə insan resurslarının azalması, eləcə də sosial-iqtisadi itkilər dövlət tərəfindən onkoloji xəstəliyə qarşı mübarizənin və xəstələrin sosial müdafiəsinin gücləndirilməsini zəruri edən ən mühüm məsələlərdəndir.
Təəssüflə qeyd etmək istəyirəm ki, ötən əsrin ikinci yarısından başlayaraq, respublikamız da daxil olmaqla, əksər ölkələrdə bədxassəli şişlərlə mübarizə və ölüm göstəriciləri durmadan artır. Bu, insanların həyat tərzindəki dəyişikliklər, sağlamlıq üçün zərərli olan adət və vərdişlərin yayılması, streslər, insanların fiziki və sosial yaşayış mühitinin korlanması, ekoloji katoklizmlərin dərinləşməsi və sair səbəblərlə izah olunur. Bədxassəli şişlərlə xəstələnmə və ölüm göstəricilərinin artmasında yoluxucu xəstəliklər də əsas səbəblərdən hesab olunur. Bədxassəli şişlərlə xəstələnmə faizinin yüksək olması iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə daha çox özünü göstərir. Belə ki, məhdud maliyyə, ixtisaslı kadr çatışmazlığı, qabaqcıl texnologiya baxımından ölkənin zəif olması özünü daha qabarıq şəkildə biruzə verir.
Xərçəngin öyrənilməsi ilə məşğul olan Ümumdünya Agentliyinin statistik materialları və ekspert göstəriciləri ilə tanışlıq praktiki olaraq, dünyanın hər yerində, eləcə də bütün yaş qruplarında bədxassəli şişlərlə xəstələnmə və ölümün qlobal artımını təsdiq edir. Son 25-30 il ərzində bədxassəli şişlərlə xəstələnmənin inkişaf tempi dünya əhalisinin il ərzində digər xəstəliklərə düçar olması tempindən yüksək olmuşdur. Xərçəngin Öyrənilməsi Ümumdünya Agentliyinin proqnozuna görə, bədxassəli şişlərlə ilkin xəstələnənlərin sayı 2050-ci ildə 2 dəfə artaraq 24 milyona çata bilər.
Təəssüflər olsun ki, bu göstəricilər respublikamızda da ürəkaçan deyildir. Ölkənin bütün onkoloji müəssisələri tərəfindən Səhiyyə Nazirliyinə təqdim olunan hesabatın göstəricilərini təhlil etsək görərik ki, 2004-cü ildə Azərbaycan Respublikasında orta hesabla xərçənglə ilkin xəstələnmə hadisəsi 10 min nəfərə çatmışdı. Bundan əvvəlki 5 il ərzində, yəni 2004-cü ilədək bədxassəli şişlərlə xəstələnmənin mütləq göstəricisi 26 faiz artmışdır. Hər iki cinsdən bədxassəli şişlərlə xəstələnmənin orta illik inkişaf tempi 4,7 faiz təşkil edir.
Onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikası ilə müqayisədə bədxassəli şişlərlə xəstələnmənin analoji statistik göstəriciləri dünya və xüsusilə də MDB ölkələrində iki-üç dəfə yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, göstəricilər heç də obyektiv reallığı əks etdirmir. Belə ki, ölkəmizdə müxtəlif səbəblərdən kanser registrin olmaması, şiş əleyhinə preparatlarda defisitin olması, bu xəstəlikdən müalicənin digər xəstəliklərlə müqayisədə daha baha başa gəlməsi və sair səbəblərdən xərçəng xəstəliyinə düçar olanların heç də hamısı onkoloji müəssisələrə müraciət etmir və ona görə də qeydiyyata alınmırlar.
Qanun layihəsinin əsas məqsədi bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən etməkdir. Layihə 4 fəsildən və 19 maddədən ibarətdir. Səhiyyə Nazirliyinin, Onkoloji Elmi Mərkəzin, Tibb Universitetinin onkologiya üzrə tanınmış mütəxəssislərinin iştirakı ilə hazırlanmış qanun layihəsi dəfələrlə işçi qrupunda və Sosial siyasət komissiyasının bir neçə iclasında geniş müzakirə olunmuşdur. Mən fürsətdən istifadə edərək qanun layihəsinin hazırlanmasında, Səhiyyə Nazirliyinin bütün əməkdaşlarına, Onkoloji Elmi Mərkəzin, Tibb Universitetinin onkoloqlarına, Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinə, şəxsən Əhliman müəllim burada iştirak edir, ona dərin minnətdarlığımı bildirirəm.
Layihənin ayrı-ayrı fəsilləri və maddələri üzərində dayanıb vaxtınızı çox almaq istəmirəm. Güman edirəm ki, müzakirələr zamanı maraqlandığınız bütün məsələlərə açıqlama veriləcəkdir. Təkcə bir məqamı vurğulamaq istəyirəm ki, qanun layihəsinin əsas qayəsi bədxassəli şişlərdən əziyyət çəkən vətəndaşlarımızın müalicəsinin dövlət vəsaiti hesabına həyata keçirilməsinin qanuni bazasını yaratmaqdır.
Hörmətli həmkarlar, hamıya məlumdur ki, hər bir sosialyönümlü Qanunun müəyyən maliyyə tutumu var. Təbii ki, onkoloji yardımla bağlı qanun layihəsinin də reallaşması üçün müəyyən maliyyə tutumuna ehtiyac var. İnanırıq ki, dövlət büdcəmizin gündən-günə yaxşılaşması, xüsusən son illərdə büdcəmizin kəskin, nəzərəçarpacaq dərəcədə artması və hər gün büdcəmizə daxil olan gəlirlər bu layihənin reallaşmasına imkan verəcək. Hörmətli millət vəkilləri, mən Sizi birinci oxunuşda konseptual baxımdan bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən dedim ki, iclasda görkəmli alimlərimiz iştirak edir. Səhiyyə nazirinin müavini Sənan Kərimov buradadır. Alimlər adından görkəmli alimimiz, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova söz verirəm. Buyurun.
Ə. Əmiraslanov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru.
Çox hörmətli Sədr, çox hörmətli millət vəkilləri, mən hesab edirəm ki, bu gün Milli Məclisin müzakirəsinə təqdim olunmuş Onkoloji yardım haqqında qanun layihəsi son dərəcə vacib bir sənəddir. Mən hesab edirəm ki, onun bu gün müzakirə olunub, gələcəkdə qəbul olunması çox ağır kontingent olan onkoloji xəstəliklərin istər diaqnostikasında, istər müalicəsində, istərsə də reabilitasiyasında və profilaktikası sahəsində mövcud olan bir çox problemləri həll edəcəkdir.
Sizin nəzərinizə çatdırmaq istərdim ki, onkoloji xəstəliklər bu gün əhali arasında ən çox tələfat verən iki xəstəlikdən biridir. Ürək-damar patalogiyasından sonra, onkoloji xəstəliklərdən ölüm göstəricisi ikinci yerdədir. Bu gün planetimizdə dünyasını dəyişən insanların 15 faizi onkoloji xəstəliklərin qurbanı olurlar. Burada qeyd olundu ki, onkoloji xəstəliklərə tutulan insanların sayı durmadan artır. İstər xəstəlik göstəricisi, istərsə də ölüm göstəriciləri çox sürətlə artır. Bəzi konkret rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Əgər 2000-ci ildə dünyada ilk dəfə qeydə alınan onkoloji xəstələrin sayı 6 milyon idisə, 2006-ci ildə bu rəqəm 10 milyona çatıb. Eyni dinamika da ölüm göstəricilərindədir.
Bütün bunlar onu göstərir ki, həmin xəstələrə xüsusi diqqət və qayğı lazımdır, onların sosial qayğıya böyük ehtiyacı var. Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim ki, onkoloji xəstəliklər ən böyük vəsait tələb edən xəstəliklər qrupuna aiddir. Onkoloji xəstəliklərin elə forması var ki, bir xəstənin müalicəsi 120-150 min dollara başa gəlir. Ona görə də həmin kateqoriyadan olan xəstələr haqqında qanun layihəsini müzakirə eləyəndə bütün bunları nəzərə almaq lazımdır. Müalicənin dövlət vəsaiti hesabına həyata keçirilməsi 4-cü maddədə öz əksini tapıb. Hesab edirəm ki, bu çox təqdirəlayiq haldır. Əgər bu templə artım getsə, Məlahət xanımın dediyi kimi, 2020-ci ildə dünyada hər il bədxassəli şişlərə tutulan insanların sayı 20 milyona çatacaq. Sual oluna bilər ki, bütün bunların qarşısını almaq üçün və gələcəkdə bu xəstələrin istər xəstələnmə göstəricisini, istərsə də ölüm göstəricisini azaltmaq üçün hansı tədbirlər görülməlidir? Bu tədbirlər səmərəli nəticələr verə bilərmi?
Nəzərinizə çatdırmaq istərdim ki, bu gün dünyada inkişaf etmiş dövlətlərin xərçəng əleyhinə mübarizə proqramı, dövlət proqramı var, təsdiq olunub. Proqramın əsas məqsədi ondan ibarətdir ki, bədxassəli şişlərin artım tempi azalsın və ölüm tempi, ölüm göstəriciləri aşağı düşsün. Vaxtınızı çox almayım, böyük məmnuniyyətlə qeyd eləmək istəyirəm ki, bir çox inkişaf eləmiş ölkələr buna nail olublar. O cümlədən Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Fransa. Hansı yolla? Bu gün təsdiq olunub ki, bütün bədxassəli şişlərin əmələ gəlməsinin 25 faizi bizim qidalanmağımızla əlaqədardır, qida rasionunun pozulması ilə əlaqədardır. 20 faizi siqaret çəkmək amili ilə əlaqədardır. 12-20 faizi ətraf mühitin çirklənməsi ilə əlaqədardır. Beləliklə, görürsünüz ki, 55-60 faizə yaxını üç amilin hesabına düşür. Məhz bu ölkələrdə qəbul olunmuş xərçəng əleyhinə dövlət proqramının da tərkib hissəsi bunlardan ibarətdir. Bizim ölkədə statistikaya görə siqaret çəkənlərin sayı azdır. Ancaq mən deməzdim. Dünyada ən çox siqaret çəkən ölkələr Yaponiyadır, Çindir, Koreyadır, Yunanıstandır. Birinci onluğa Türkiyə də daxil olur. Türkiyədə də, başqa yerlərdə də oluruq. Mən deməzdim ki, bizdə siqaret çəkənlərin sayı onlardan azdır. Ancaq statistikaya görə azdır.
Birinci növbədə, siqaret çəkməyə qarşı mübarizə proqramı olmalıdır. Mən deyəcəyəm, burada bir maddədə bu öz əksini tapmalıdır. İkincisi, qida rasionunun yaxşılaşdırılması ilə əlaqədar proqram hazırlanmalıdır. Ətraf mühitin çirklənməsinə qarşı mübarizə barədə proqramlar var, həyata keçirilir, bu daha mürəkkəb məsələdir. Bu istiqamətdə də biz fikirləşməliyik.
Beləliklə, dediyim üç əsas məsələ xərçəng əleyhinə dövlət proqramının tərkib hissəsi olmalıdır. Bu proqramlar bizim onkoloji yardım haqqında qanun layihəsində öz əksini tapmalıdır. Bunu praktiki olaraq həyata keçirə bilsək, onda bədxassəli şişlərə tutulan xəstələrin sayı azalar və bədxassəli şişlərdən ölümün faizi aşağı düşər.
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. İndi dünyada insanlarda ən çox təsadüf olunan şişlərin profilaktikası sahəsində çox geniş miqyaslı tədbirlər həyata keçirilir. Əgər yadınızdadırsa, əvvəllər keçmiş SSRİ-də (indi bəyənməsək də, orada da bəzi yaxşı şeylər var idi) dispanserizasiya deyilən profilaktik tədbirlər aparılırdı və bu profilaktik müayinələr sahəsində bədxassəli şişlər erkən mərhələdə aşkara çıxarılırdı. Erkən mərhələdə aşkara çıxarılan bədxassəli şişlərin müalicəsi də çox asan olur. Praktiki olaraq erkən diaqnostika hər şeyi həll edir. Bu istiqamətdə dünyanın bir çox inkişaf eləmiş ölkələrində “Skrininq” deyilən bir proqram həyata keçirilir. Bu ondan ibarətdir ki, nozoloji forma əhalinin hansı yaş qrupunda təsadüf olunursa, bunların arasında məqsədyönlü profilaktik müayinələr aparılır. 45 yaşdan yuxarı bütün ölkənin qadın əhalisinin süd vəzi müayinədən keçirilir. Yaxud kişilərdə ağciyər müayinədən keçirilir. Yaxud yoğun bağırsağın skrininqi deyilən proqramlar var. Beləliklə, bu proqramları həyata keçirməklə, əhalinin müəyyən qrupu arasında, mən bayaq dedim, şiş xəstəliyini erkən mərhələdə müalicə etmək, yaxud şiş önü xəstəliyini aşkara çıxarmaqla, həmin insanları böyük bəladan xilas eləmək mümkündür. Skandinaviya ölkələri süd vəzi xərçənginin skrininqini keçirməklə, - süd vəzi xərçəngi də qadınlarda ən çox təsadüf olunan şiş formasıdır, - bu xəstəlikdən ölümün faizini 25 faizə endirmişlər. Uşaqlıq boynu xərçənginin skrininqini həyata keçirməklə 17 faiz ölümü azaldıblar. Bunları çox sadalamaq olar. Mən hesab edirəm, profilaktik tədbirlər deyəndə, skrininq də burada öz əksini tapmalıdır.
Vaxtınızı çox almayacağam. Deyildiyi kimi, qanun layihəsinin hazırlanmasında bizim mütəxəssislər də iştirak edib və hesab edirəm ki, bütövlükdə layihə yaxşı hazırlanıb. Bayaq dediyim kimi, xərçəng əleyhinə dövlət proqramından bəhs edən II fəslin 5.1.1-ci bəndində belə yazılsa, daha yaxşı olar: Onkoloji xəstəliklərlə mübarizə üzrə müvafiq proqramların (xərçəng əleyhinə dövlət proqramı, müxtəlif lakolizasiyalı bədxassəli şişlər kimi skrininq proqramı, tütünlə mübarizə proqramı, rasional qidalanma proqramı) işlənib hazırlanması və həyata keçirilməsi. Mən hesab edirəm ki, bu, vacib bir məsələ olar.
Sonra, burada terminoloji məsələyə də millət vəkillərinin nəzərini cəlb etmək istərdim. Bəlkə də dilçilər bunu daha yaxşı bilər. Burada hər yerdə “bədxassəli şişlərdən əziyyət çəkən şəxslər” gedir. Mənə elə gəlir ki, bunu “onkoloji xəstəliklər” sözü ilə əvəz eləsək, daha düzgün olar. Düzdür, bu, rus dilindən tərcümə olunub. Birincisi, “onkoloji xəstəliklər” deyiləndə təkcə bədxassəli şişlərdən söhbət getmir. Orada elə şişlər var ki, xoşxassəlidirlər. Yaxud distrunksiya eləyən şişlər var ki, bədxassəli deyil, ancaq onlar da ciddi müalicə, profilaktika, diaqnostik tədbirlərə ehtiyacı olan şişlərdir. Ona görə də bunu hər yerdə “onkoloji xəstələr”, yaxud bununla bizim millət vəkilləri razılaşmasalar, onda heç olmasa, “əziyyət çəkən” sözünün əvəzinə “düçar olmuş” şəxslər yazaq. Yəni “əziyyət çəkən” bir qədər yerində işlənməyən sözdür.
Mən hesab edirəm ki, bu gün onkoloji xəstələrin müalicəsi üçün respublikamızda müalicə almaq üçün optimal şərait var. Bayaq dediyim kimi, dərmanlar həddən artıq bahalı dərmanlardır. Bu dərmanların müəyyən qismi dövlət tərəfindən təmin olunur. Ancaq elə preparatlar var ki, həddən artıq çox vəsait tələb edir. Misal üçün, elə kimyəvi dərman kursu var ki, adətən, buna 6-8, bəzən 10 kurs müalicə lazımdır. Bir kursun qiyməti 1500-2000 dollara başa gəlir. Bilirsiniz ki, bu gün insanların özlərinin də buna imkanı yoxdur, dövlət müəssisələrində həmin dərmanlardan bu gün istifadə edə bilmirik. Mən hesab edirəm ki, gələcəkdə belə bir qanun layihəsinin qəbul olunması və dövlətin bu işə qayğısı sayəsində biz xəstələrimizi tam, kompleks müalicə eləyə biləcəyik.
Mən hörmətli millət vəkillərini belə bir qanun layihəsinə səs verməyə çağırıram. Onun qəbul olunması onkoloji xəstələrin istər diaqnostikası, istərsə də profilaktikası, müalicəsi və reabilitasiyası sahəsində bu gün mövcud olan, habelə bu günə qədər SSRİ dövründən qalmış qanunlarla tənzimlənən bir çox problemləri həll eləyə biləcək. Diqqətinizə görə təşəkkür edirəm. Ola bilsin ki, çox danışdım.
Sədrlik edən. Çox sağ olun, Əhliman müəllim. Hesab edirəm ki, bizim üçün bu Sizin kiçik bir profilaktik mühazirəniz oldu. Minnətdarıq. İcazə verin, müzakirələrə keçək. Biz 5 dəqiqə danışmışıq. Fazil Mustafayev.
F. Mustafayev. Mən tibb mütəxəssisi deyiləm. Amma hər hansı bir Qanunu araşdırarkən, birinci növbədə, onun hansı konkret ictimai münasibəti necə tənzimləyəcəyi barədə fikir formalaşdırmağa çalışıram.
Mənə elə gəlir ki, bu qanun layihəsi yarımçıq təqdim olunmuşdur. Bildiyimiz kimi, bizdə “Vərəm əleyhinə, vərəmə qarşı mübarizə haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun var. Burada baş vermiş xəstəlikdən sonra onkoloji yardım haqqında qanun layihəsindən söhbət gedir. Halbuki onkoloji xəstəliklərə qarşı mübarizə amili önəmli əhəmiyyət kəsb edir. Birinci növbədə, bu, qanun layihəsinin adında əks olunmalı idi. İkinci element kimi isə dövlət qayğısı nəzərdə tutulmalı idi. Ona görə də yaxşı olardı ki, qanun layihəsi onkoloji xəstəliklərə qarşı mübarizə və onkoloji xəstəliklərə tutulmuş şəxslərə dövlət qayğısı kimi təqdim olunsun və bir az genişləndirilsin. Burada əsas cəhət nədən ibarətdir? Şəkərli diabetə tutulmuş xəstələr üçün adi qaydada aptekdən dərman almaq imkanı var. Amma biz qanunvericilikdə narkotik maddələrin, psixotrop maddələrin satışının qadağan olunması və icazəli yolla alınması amilini nəzərə alsaq, vətəndaşın nə qədər əziyyət çəkdiyini görərik. Ona görə də çox mühüm qanun layihəsidir, bunu iki dəfə qəbul etməmək üçün məsələyə daha əhatəli, daha ciddi yanaşmalıyıq.
Burada çox hörmətli Əhliman müəllim geniş məlumat verdi. Mən hesab edirəm ki, bəzi məsələlərə aydınlıq gətirildi. Amma əsas problemlərdən biri də xəstəliyin yaranmasıdır. Mütəxəssislər də qeyd edirlər ki, avtomobillərin maye qazla işləməsi, xüsusilə köhnə avtobusların buraxdığı zərərli maddələrin Bakının ekologiyasını çirkləndirməsi paytaxtda bu xəstəliyin yayılmasının əsas səbəblərindən biridir. Ona görə də bu istiqamətdə ciddi profilaktik mübarizə yolları tapılmalıdır.
İkinci vacib məsələni Əhliman müəllim də qeyd elədi. Mən özüm də təəccübləndim ki, ümumiyyətlə, qanun layihəsində onkoloji xidmətin yalnız bədxassəli şişlərin müalicə profilaktikasına yönəldilmiş elmi-tibbi tədbirlər sistemindən ibarət olduğu göstərilir. Ancaq xoşxassəli şişlərin bədxassəli şişlərə keçməsinin qarşısının alınması dünya onkoloji xidmətinin əsas vəzifələrindən biridir. Diaqnostikada çox zaman xoş və bədxassəli şişlərin uzun müddət ayırd edilməsinin mümkünsüzlüyünü nəzərə alsaq, hesab edirəm ki, buraya təkcə bədxassəli şişlərin yox, həm də xoşxassəli şişlərin müalicəsinin də əlavə edilməsi vacibdir. Yəni belə çıxır ki, diaqnostika xəstədə bədxassəli şiş olduğunu təsdiq eləyəndən sonra bu qanunu ona tətbiq eləmək mümkün olacaq. Ona görə də hesab edirəm ki, bu natamamlıqdır, onun subyektlərini genişləndirmək olduqca vacibdir.
Xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün vacib məsələlərdən biri də 40 yaşından yuxarı bütün şəxslərin ildə bir dəfədən az olmayaraq, məcburi qaydada pulsuz onkoloji müayinə və baxışdan keçirilməsi barədə maddənin qanun layihəsinə salınmasıdır. Çünki əhalinin, həqiqətən də, bu problemlə bağlı ciddi sıxıntıları var və gələcəkdə ciddi problemlər yaranacaqdır. Burada da qeyd olundu ki, dünya əhalisinin əgər 15 faizi bu xəstəlikdən ölürsə və bəzi ölkələrdə də buna qarşı atılan addımlar faydalı nəticələr verirsə, biz bunu nəzərdən qaçırmamalıyıq.
Qanun layihəsi onkoloji xəstəlikləri yaradan amilləri, radiasiyanı, çirklənməni, ekologiya problemlərini, qeyri-rasional qidalanmanı azaltmaq üçün müxtəlif tədbirlər görməyə istiqamətlənməlidir. Onkoloji xəstəliklərin erkən aşkar edilməsi, müayinəsi, diaqnostikası və müalicə işlərinin ixtisaslaşdırılmış səviyyədə aparılması vacibdir. Mənə elə gəlir ki, kompleks olaraq, səhiyyə sahəsində və səhiyyə qanunvericiliyi sahəsində bu tədbirləri artırmaqla, qanunları qəbul etməklə Azərbaycan cəmiyyətində öhdəmizə düşən işi görə bilərik. Ona görə də hesab edirəm ki, bu gün qanun layihəsini bu formada qəbul etməyimiz düzgün olmaz. Bəlkə də yubatmağın zərəri yoxdur. Subyektləri genişləndirərək, digər xoşxassəli şişlərlə bağlı məsələləri də bura salmaqla, yaxın zamanlarda bunu qəbul etmək mümkündür. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən bu qanun layihəsini çox aktual və lazımlı hesab edirəm, onun tezliklə qəbul edilməsinə tərəfdaram. Təəssüflə qeyd etmək lazımdır ki, bu layihə Azərbaycanda yaşayan hər bir ailənin maraqlarına toxunur. Çünki elə bir ailə yoxdur ki, orada ata, ana, bacı və ya qardaş bu dəhşətli xəstəlikdən ömrünü dəyişməsin. Ona görə də biz qanun layihəsinə çox ciddi yanaşmalıyıq və qüsurları aradan götürməliyik.
Mənim bu qanun layihəsi ilə bağlı bir neçə iradım var. Qanunun 3-cü maddəsində yazılıb ki, bu sənəd Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, respublikamızın ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə əcnəbilərə şamil edilir. Vətəndaşlığı olmayan şəxsə mənim etirazım yoxdur, çünki həmin kateqoriyadan olan insanlar, adətən, kasıb, imkansız qaçqın və məcburi köçkünlərdir. O ki qaldı əcnəbilərə, burada bir düzəliş etməliyik. Çünki bu qanunun başqa maddələrinə görə onkoloji xəstələr poliklinika və stasionarlarda pulsuz dərmanla, müalicə ilə təmin olunurlar. Respublikada yaşayan əcnəbilər isə, adətən, yüksək maaş alan insanlardır. Onlar müalicəni bizdə apara bilər, amma tam ödənişli şərtlərlə.
Hazırda onkoloji xəstəliklərə düçar olmuş həmvətənlərimiz Rusiyada, İranda, Türkiyədə, Almaniyada müalicə olunurlar, amma onlara xarici ölkələrdə heç bir güzəşt edilmir. Halbuki xəstə vətəndaşlara bu ölkələrdə onkoloji sahələrdə xeyli güzəştlər edilir. Ona görə də ya 3-cü maddədən “əcnəbi” sözü götürülməlidir, ya da yazılmalıdır: “əcnəbi xəstələrin müalicə və müayinəsi tam ödənişlidir”.
Maddə 5.1.8-də deyilir: “müayinə və müalicə prosesində xəstənin vəziyyəti, diaqnozu və xəstəliyinin proqnozu barədə məlumatların məxfi saxlanılmasına təminat verilməlidir”. Mənə elə gəlir ki, bu maddə dəyişdirilməlidir. Çünki inkişaf etmiş Qərb ölkələrində bu xəstəliyi çoxdandır ki, adi bir xəstəlik hesab edirlər. Orada onkoloji xəstələrə həqiqi diaqnoz haqqında və xəstəliyin proqnozu haqqında tam səmimi, açıq məlumat verirlər. Məncə, bu düzgündür. Çünki insan öz həqiqi vəziyyətini biləndə həyatı uğrunda mübarizəyə başlayır. Həkimlərin məsləhət və tövsiyələrinə daha məsuliyyətli yanaşır, daxili və xarici imkanlarını səfərbər edir. Ən pis halda o, işlərini səhmana salmağa çalışır, yarımçıq qalan işlərini axıra qədər çatdırır və sairə. Ona görə də bizim xəstələr, əlbəttə, həqiqi vəziyyəti bilməlidirlər. Burada istisnalar da ola bilər. Məsələn, həkim tam ümidsiz diaqnozu gizlədə bilər.
Mənə elə gəlir ki, bu qanun layihəsi bir qədər mücərrəd yazılıb və ona təzədən baxılmalıdır. Çünki bir neçə maddədə göstərilib ki, onkoloji xəstələrin müalicəsi, müayinəsi, reabilitasiya tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Amma heç bir yerdə yazılmayıb ki, bu müayinə, müalicə, dərmanlarla təminat dövlət tərəfindən pulsuz həyata keçirilir. “Pulsuz” sözünün heç bir yerdə işlənməməsi səhiyyə məmurları üçün bir növ bəhanə ola bilər. Məsələn, 8-ci maddədə “pulsuz” sözü bir neçə yerdə əlavə edilməlidir.
Bir təkliflə də çıxış etmək və hörmətli Əhliman müəllimin sözlərinə qüvvət vermək istəyirəm. Bir sıra inkişaf etmiş ölkələr parlament səviyyəsində siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunmasına dair qanun qəbul ediblər. Mən təklif edirəm ki, biz də belə bir qanun layihəsini tezliklə hazırlayaq və ictimai yerlərdə, idarələrdə, ofislərdə, hətta küçələrdə, parklarda siqaret çəkməyi qadağan edək. Çünki bu, ölkəmiz üçün böyük problemdir. Bakıda hava onsuz da həddindən artıq ağırdır, siqaret çəkənlər isə havanı daha da ağırlaşdırır.
Bu zalda onkoloji sahədə mütəxəssislər oturduğu üçün mən bir problem üzərində də dayanmaq istərdim. Azərbaycanda uşaq onkologiyası, demək olar ki, yox dərəcəsindədir. Son bir neçə ildə onkoloji sahədə nailiyyətlərimiz danılmazdır. Mən bunun üçün hörmətli alimlərimiz Cəmil Əliyevə, Əhliman Əmiraslanova və başqalarına dərin minnətdarlığımı bildirmək istərdim. Uşaq onkologiyasının olmaması çox ağır nəticələrə gətirib çıxarır. Mən neçə ailə tanıyıram ki, onlar bədxassəli şişlərdən əziyyət çəkən uşaqlarını itiriblər. Çünki respublikada onlara lazımi səviyyədə müalicə göstərilməyib. Halbuki Rusiyada, Belarusda başqa uşaqlar eyni diaqnozla müalicə olunurlar. Amma hansı valideynin indi öz uşağını müalicə üçün xaricə, hətta...
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, bu birinci oxunuşdur. Hamıya vaxt çatsın. İkinci oxunuş hələ qabaqdadır. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Doğrudan da, birinci oxunuşdur, konseptual baxımdan qiymət verməliyik. Ona görə də hesab edirəm ki, çox aktual bir qanun layihəsidir. Mən çox istərdim ki, bu layihə dövlət tərəfindən kifayət qədər maliyyə yardımı tələb etdiyinə görə mütləq tibbi ekspertizası ilə birlikdə təklif olunsun. Biz bunu formal olaraq qəbul edirik, yoxsa qanun layihəsi qəbul olunandan sonra onun tətbiqi ilə əlaqədar müəyyən işlər görüləcək?
Burada hörmətli Elmira xanım qeyd etdi, mən də Cəmil müəllimə, Əhliman müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, bu sahənin Azərbaycanda inkişafı üçün çox iş görüblər. Hər ikisi dünya miqyasında tanınan alimdir və təşkilati baxımdan kifayət qədər böyük imkanları var ki, bu layihədə nəzərdə tutulan məsələləri yüksək səviyyədə həyata keçirə bilsinlər. Ona görə də, heç olmasa, ikinci oxunuşda təklif verək ki, bizə büdcə ekspertizası ilə bağlı sənəd verilsin, bu sahəyə ciddi maliyyə ayrılsın. Həm profilaktika ilə bağlı müəyyən işlər görülməlidir, həm də sosial müavinətlərə dövlət tərəfindən vəsait ayrılmalıdır.
Bu xəstəlik geniş yayıldığına görə pulsuz müalicə ilə əlaqədar böyük miqdarda vəsait tələb olunacaq. Mən diqqətinizi bu məsələyə yönəltmək istəyirdim. İnkişaf etmiş dövlətlərdə ciddi müzakirə olunan məsələlərdən biri də müalicəsi mümkün olmadıqda xəstənin müvafiq ekspert komissiyasının rəyi ilə könüllü olaraq dünyadan getməsi ilə bağlıdır. Bu haqda mütəxəssislərin fikrini bilmək yaxşı olardı. Bu məsələni də biz müzakirəyə çıxara bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən də bu gün müzakirəmizə verilən bu qanun layihəsini çox humanist, vacib və əhəmiyyətli sənəd hesab edirəm. Onu Azərbaycanda əhalinin sağlamlığına yönəldilən qayğı və diqqətin ifadəsi kimi qiymətləndirirəm. Qanun layihəsinin qəbulu və təbliği, elə bilirəm ki, onkoloji xəstəliklərdən əziyyət çəkən hər bir xəstə üçün, eləcə də Azərbaycan vətəndaşları üçün vacibdir və insanlar tərəfindən rəğbətlə qarşılanacaq. Çünki bu xəstəliyin müalicəsi çətin olduğu kimi, həm də çox xərc tələb edir. Dövlətin bu sahədə atdığı addımları qiymətləndirməyə dəyər.
Qanun layihəsi yaxşı hazırlanıb və onkoloji xidmət sahəsində həyata keçirilən tədbirləri əhatə edir. Qanunun dili sadədir, maddələr dürüstdür və işləmə mexanizmi düzgün müəyyənləşdirilib. Qanun layihəsinin hazırlanmasında zəhmət çəkən hər bir kəsə, eləcə də Sosial siyasət daimi komissiyasının üzvlərinə minnətdarlığımı bildirir və birinci oxunuş üçün vacib olan bir neçə məsələni xatırlatmaq istərdim.
Burada yoldaşlar da qanun layihəsinin adı haqqında danışdılar. Təklif edərdim ki, qanun layihəsinin adı “Onkoloji xidmət”, ya da “Onkoloji xəstələrə xidmət haqqında” adlan- dırılsın. Çünki burada xidmət daha geniş bir məfhumdur və bütün sahələri əhatə edir. Qanun layihəsində xəstəliyin müayinəsi, müalicəsi və profilaktikası, habelə həmin xəstəliklərin qarşısının alınması ilə əlaqədar maarifləndirmə sistemi şərh olunub. Ona görə də “Xidmət haqqında” qanun olsa, daha yaxşı olar. Çünki bu geniş bir məfhumdur.
Qanunun 4-cü maddəsində onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri və onların həyata keçirilməsi prinsipləri göstərilib. Bu prinsiplərin həyata keçirilməsini yalnız dövlətin üzərinə atmaq olmaz. Digər maddələrdə göstərilir ki, bu sahədə özəl, eləcə də bələdiyyə tibb müəssisələri iştirak etməlidir. Elə bilirəm ki, bura əlavə bir maddənin yazılmasına ehtiyac var: “İxtisaslaşdırılmış özəl və bələdiyyə tibb müəssisələri onkoloji xidməti müvafiq icra hakimiyyətinin qəbul etdiyi şərtlər əsasında həyata keçirirlər”. Bu şərtlər sonrakı maddələrə də müəyyən istiqamət verir. Çünki sonrakı maddələrdə göstərilir ki, hər hansı özəl tibb müəssisəsi, ya da bələdiyyə tibb müəssisəsi bu vəzifələri həyata keçirirlər. Lakin orada bu vəzifələri həmin müəssisələrin hansı şərtlərlə həyata keçirəcəkləri yazılmayıb. Bu gün biz bilirik ki, özəl tibb müəssisələrində qiymətlər tamam fərqlidir. Onlar müəyyən müayinələr üçün, müalicələr üçün ayrı-ayrı qiymətlər qoyurlar. Elə bilirəm ki, bu maddənin burada yazılması sonrakı maddələrə də müəyyən istiqamət verər.
Digər tərəfdən, qanun layihəsində subyektlər göstərilir. III fəsildə Azərbaycan Respublikasında onkoloji yardımın subyektləri göstərilir. Burada bir çox dövlət müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri də göstərilir. Mən təklif edərdim ki, buraya “ixtisaslaşmış bələdiyyə tibb müəssisələri” də yazılsın. Çünki bu gün bələdiyyə özünün bir çox qurumlarını yaradır. Gələcəkdə bunlar özləri üçün tibb müəssisələri də yarada bilərlər. Həmin subyektlər sırasına bələdiyyə tibb müəssisələrinin də yazılmasını təklif edərdim. Birinci oxunuş üçün lazım olan fikirləri mən dedim. Lakin müəyyən maddələr var ki, onların redaktəyə ehtiyacı var.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Onkoloji xəstəliklərlə mübarizə bu gün bəşəriyyətin qarşısında duran vəzifələrdən biridir. Məndən öncə çıxış edən hörmətli Əhliman müəllim bu barədə geniş və ətraflı məlumat verdi. Həqiqətən, bu xəstəliyə qarşı hər yerdə mübarizə gedir. Xüsusilə inkişaf etmiş ölkələrdə bununla bağlı ciddi tədbirlər görülür. Bu gün Azərbaycanın sosial-iqtisadi vəziyyəti və büdcəmiz imkan verir ki, bu xəstəliyə qarşı mübarizə üçün kifayət qədər vəsait ayıraq. Hətta bu qanun layihəsinin özü bu məsələni tam şəkildə həll etmir.
Əhliman müəllim təklif etdi və mən də tamamilə əminəm ki, biz onkoloji xəstəliklərə qarşı mübarizə proqramı qəbul etməliyik. Bu gün ətraf mühitdə baş verən hadisələr, sosial-psixoloji həyatda baş verən dəyişikliklər, ümumiyyətlə, dünyada baş verən dəyişikliklər müxtəlif şəkildə bu cür xəstəliklərin yayılmasına və genişlənməsinə təsir göstərir. Ona görə də bu cür xəstəliklərin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var.
Birinci oxunuşda təqdim edilən bu qanun layihəsi mükəmməldir, təkmildir, məsələni əhatə edir. İkinci oxunuşda biz ayrı-ayrı maddələr üzrə təkliflərimizi verərək, onu daha da təkmilləşdirə bilərik.
Burada bir fikir səsləndirildi. Mən də o fikrə tərəfdaram ki, bu xəstəliyin səbəblərini aradan qaldırmaq lazımdır. Bu xəstəliyin səbəblərini aradan qaldırmaq yolları da göstərilibdir. Bunun yolları ondan ibarətdir ki, biz siqaret əleyhinə mübarizəni gücləndirməliyik. Həqiqətən, ictimai yerlərdə siqaretin çəkilməsinə qarşı mübarizə kütləvi xarakter almalıdır, qanuni şəkil almalıdır. Çox təhlükəli haldır ki, bu gün istehsal olunan siqaretlərin ən keyfiyyətsizi bəlkə də Azərbaycana idxal olunmaqdadır. Ən ucuz siqaretlər Azərbaycana idxal olunmaqdadır. Bu cür ucuz siqaretlər Azərbaycanda nəinki onkoloji xəstəliklərin, digər ciyər xəstəliklərinin, hətta bronxial xəstəliklərin yayılmasına təkan verir. Ona görə də bu çox ciddi şəkildə araşdırılmalıdır.
Ölkəyə idxal olunan ərzaq məhsulları üzərində nəzarət gücləndirilməlidir. Çünki səbəblərdən biri də odur. Yəni bütün bunlar kompleks şəkildə həll olunmalıdır və bunun üçün xüsusi proqram qəbul olunmalıdır, xüsusi vəsait ayrılmalıdır. Hesab edirəm ki, parlament də icra strukturları ilə birlikdə bu yöndə fəaliyyəti gücləndirməlidir. Bu cür qanunları qəbul etməklə, biz onkoloji xəstəliklərlə əlaqədar görüləcək işlərə öz yardımımızı göstərmiş olarıq. Qanunun adı da elə “Onkoloji yardım” olmalıdır. Söhbət burada konkret xəstənin müalicəsindən, ona humanist və ya tibbi yardımdan getmir. Onkoloji xəstəliyə qarşı digər sahələrdə gedən işlərdən də söhbət gedir. Burada elmi tədqiqat işləri, müəyyən avadanlıqların alınması, digər məsələlər həll olunmalıdır. Bu gün Azərbaycanda onkoloji xəstəliklərin aradan qaldırılması, müalicəsi istiqamətində çox böyük mütəxəssislərimiz vardır və həmin mütəxəssislərin vasitəsi ilə bu cür qanunlar qəbul etməklə xeyli irəliləyişə nail ola bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Təqdim olunmuş qanun layihəsinin qəbul edilməsini zəruri hesab edirəm və fikirləşirəm ki, biz belə bir qanun layihəsini qəbul etməkdə xeyli gecikmişik. Son dərəcə aktual bir məsələ ilə bağlı qanun layihəsidir. Konseptual baxımdan qanun layihəsini qəbul etmək vacibdir, məqsədəuyğundur. Mən qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm və hörmətli millət vəkillərini də qanun layihəsinə səs verməyə dəvət edirəm.
Bununla bərabər bir sıra məqamlar üzərində konseptual baxımdan fikirlərimi söyləmək istəyirəm. Hər şeydən əvvəl, mən çox arzulayardım ki, qanun layihəsinin ikinci oxunuşunda vacib olan bir sıra məqamlar nəzərə alınsın. Qanunun adı ilə bağlı mən təklif edərdim ki, o, “Onkoloji xəstəliklərə qarşı mübarizə və onkoloji yardım haqqında” Qanun olsun. Çünki onkoloji xəstəlikləri yaradan amillərə qarşı mübarizə aparmadan ona yardım etmək, sadəcə, mümkün deyil.
Əvvəla, xəstəlikləri törədən amillərə qarşı mübarizə aparmaq və bu mübarizəni təmin edən müddəaların qanun layihəsində əks olunması son dərəcə vacibdir. Fikrimi əsaslandırmaq üçün müəyyən arqumentlərə də söykənmək istərdim. Əslində, Azərbaycan onkoloji xəstəliklər üçün ən az riskli olan ölkələrdən biridir. Çünki burada 9 iqlim qurşağı, hər iqlim qurşağının özünün də fauna və florası var. Bunların özü, prinsip etibarı ilə, Azərbaycanda onkoloji xəstəliklər üçün əsas yaratmır. Əksinə, Azərbaycanda bunun üçün imkanlar xeyli dərəcədə məhduddur. Lakin son dövrlərdə bir sıra məqamlar, bir sıra amillər Azərbaycanda güclü şəkildə bu xəstəliklərin yaradılmasına şərait yaradır. Bu nədir? Ekoloji vəziyyətin son dərəcədə korlanması və böhranlı hala gətirilməsidir. Baxın, Bakı şəhərində vəziyyət necədir? Yararsız maşınların, texniki cəhətdən nasaz maşınların buraxdığı qaz, tüstü və s. Bakıda son dərəcə ağır vəziyyət yaradır. İnsan orqanizmi üçün böyük təhlükə törədən bu şərait onkoloji xəstəliklərin yaradılmasının ən vacib məqamlarından biridir.
İkincisi, siz mənimlə razılaşın ki, Azərbaycana gətirilən qida məhsullarının mütləq əksəriyyəti standartlardan uzaq, vaxtı keçmiş və bir sıra hallarda Azərbaycanın genefondunun məhv edilməsinə yönələn qida məhsullarıdır. Həmin qida məhsulları Azərbaycana kütləvi şəkildə gətirilir. Bura həm qida məhsullarını, həm siqaretləri, həm də spirtli içkiləri əlavə etmək olar. Bunlar Azərbaycanın genefondunun məhv edilməsinə yönələn məsələdir. Bunun qarşısı alınmalıdır.
Üçüncü vacib məqam, fikrimcə, mənşəyi çox şübhəli bilinən preparatların Azərbaycana daxil olmasıdır. Bu preparatlar Azərbaycanın genefondunun məhvinə yönəlmiş böyük bir müharibənin tərkib hissəsidir. Bu da onkoloji xəstəliklərin yaradılmasını şərtləndirən vacib məqamlardan biridir. Buna qarşı mübarizə gücləndirilməlidir və bunun üçün, şübhəsiz, həmin məsələlər qanun layihəsində öz əksini tapmalıdır.
Bu gün Azərbaycanda onkologiya sahəsində görkəmli mütəxəssislər var və onlardan da biri bizim son dərəcə hörmət etdiyimiz professor Əhliman Əmiraslanovdur. Lakin gəlin görək, o hansı şəraitdə işləyir? Onun rəhbərlik etdiyi dispanserin vəziyyəti necədir? Uçuq binalar, texnologiya cəhətdən son dərəcə köhnəlmiş aparatlar və özünün söylədiyi kimi, dərmanların bahalı olması və həmin dərmanların alınmasına onların imkanlarının olmaması. Belə bir şəraitdə onkoloji xəstələrin müalicəsi, profilaktikası, sadəcə, mümkün deyil. Ona görə də bu məsələ diqqətdə saxlanmalıdır. Bu gün Azərbaycanda iki onkoloji mərkəz fəaliyyət göstərir: bir institut, bir də dispanser. Hər ikisinin maddi-texniki bazası pis vəziyyətdədir.
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, Onkoloji yardım haqqında qanun layihəsi barədə Məlahət xanım ətraflı məlumat verdi. Hörmətli akademik Əhliman müəllim bu xəstəliyin profilaktikası və onun dispanserinin prioritet olduğunu nəzərimizə çatdırdı və ətraflı məlumat verdi. Birinci oxunuşun tələbinə uyğun olaraq qanun layihəsinin konseptual baxımdan qəbul edilməsini hörmətli həmkarlarımdan xahiş edirəm. Yəqin ki, ikinci oxunuşda burada təklif olunan iradlar qəbul olunacaq və yazılı şəkildə təqdim olunacaq.
Sosial siyasət daimi komissiyasında layihə çox mükəmməl işlənilmişdir. Respublikamızın mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılmışdır. Bu qanun layihəsinin qəbulunun zəruriliyi barədə fikrimi bildirmək istəyirəm. Konstitusiyamızın 41-ci maddəsi sağlamlığın qorunması haqqındadır. Bu maddədə insanların sağlamlığının qorunmasına dövlət qayğısı öz hüquqi nizamını tapmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Talasemiya irsi qan xəstəliklərinə düçar olmuş xəstələrə dövlət qayğısı haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlar buna misaldır.
Bu gün Heydər Əliyev fondu tərəfindən talasemiyalı xəstələrə və şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrə yardım göz qabağındadır. Möhtərəm Prezidentimiz tərəfindən regionlarda 10 müasir tibbi diaqnostik mərkəzin tikilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunması, hörmətli Əhliman müəllimin qeyd etdiyi kimi, həmin profilaktikanın daha yüksək səviyyədə aparılmasına imkan yaradacaqdır.
Respublikamızda təxminən 11 minə yaxın onkoloji xəstə qeydiyyatdadır. Onların müalicəsi üçün lazım olan kimyəvi preparatlar olduqca bahadır. Bir statistik rəqəmi nəzərinizə çatdırım. 100 il bundan qabaq bu xəstəlik 10-cu yerdə dururdusa, artıq bu gün ürək, qan-damar xəstəliklərindən sonra ikinci yerdə durur. Ümumdünya Səhiyyə Təşkilatının apardığı müşahidələrə görə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişikliklərinin insan orqanizminə təsiri, yüksək radiasiyanın, ərzaq və qida məhsullarında kanserigen faktorların çoxluğu 2020-ci ildə bu xəstəliyin birinci yerdə olacağını göstərir.
İnkişaf etmiş Avropa ölkələrində bu xəstəliklərdən 800-850 min adam dünyasını dəyişir, 4 minə yaxın insan qeydiyyata alınır. Onkoloji xəstəliklərin artması dövlətdə və səhiyyədə bir çox problemlər yaradır. Belə ki, xəstəliyin bəzi növləri insanların iş və yaradıcılıq fəaliyyətinin yüksək olduğu yaş dövrlərində daha tez-tez rast gəlinir. Məsələn, ağ ciyər xərçənginə 40-45 yaş arası kişilərdə, süd vəzinin xərçənginə, əsasən, 20-45 yaşlı qadınlarda, aşağı ətraf sümüklərin şiş xəstəliklərinə 10-30 yaş arası gənclərdə daha çox rast gəlinir. Xəstəliyin müalicəsindən sonra xəstənin vəziyyətinin yaxşılaşması heç də o demək deyil ki, xəstə sağalıb. İri miqyaslı cərrahi əməliyyatın intensiv müalicəsi və s. orqanizmin müxtəlif funksiyalarının pozulmasına gətirib çıxarır. Erkən əlil olmuş bu insanların əmək qabiliyyətinin bərpasına və reabilitasiyasına dövlət qayğısı lazımdır. Məhz qanun layihəsi qəbul olunarkən bütün bunlar nəzərə alınmalıdır. Göründüyü kimi, kompleks tədbirlər həyata keçirilməlidir.
İnkişaf etmiş dövlətlərdə səhiyyə təkcə dövlət tərəfindən maliyyələşmir. Biz “Tibbi sığorta haqqında” Qanun qəbul etmişik. Bu gün, heç olmasa, işləyən insanlara tibbi sığortanı tətbiq etməklə gələcəkdə əhaliyə tibbi xidmətin yaxşılaşması istiqamətində addım atmış olarıq. Mən bəzi iradlarımı da qeyd etmək istəyirəm. Hörmətli Elmira xanım qeyd etdi ki, “pulsuz müalicə” sözü yazılmayıb. Ancaq 4.3-də qeyd olunur: “bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan Respublikasının vətəndaşlarına onkoloji yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”. Profilaktika barədə isə 4.1-ci maddədə qeyd olunur: “onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini birləşdirir”. Bu, onkoloji xəstəliklərin azaldılmasına qarşı yönələn prinsiplərdir. Birinci oxunuşun tələbinə uyğun olaraq, bunu konseptual baxımdan qəbul etmək lazımdır. Növbəti dəfə ikinci oxunuşda, yəqin, bunlar qəbul olunar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən də hesab edirəm ki, konseptual baxımdan qəbul etmək lazımdır. İkinci oxunuşda bütün iradları deyə bilərik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 80
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 2
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun. Gündəliyin axırıncı məsələsi Fitosanitar nəzarəti haqqında qanun layihəsinin müzakirəsidir. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputatlar və qonaqlar! Məlumat vermək istəyirəm ki, Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanun layihəsinin birinci oxunuşunda çıxış edən hörmətli deputatlar Vidadi Məmmədov, Məjlum Şükürov, Fazil Mustafayev, Miri Qənbərov, Azər Əmiraslanov, İltizam Əkbərli, Lalə Abbasova və Milli Məclis sədrinin müavini hörmətli Valeh Ələsgərov qanun layihəsinin vacibliyini, ölkəmizdə ftosanitar nəzarətin həyata keçirilməsində, bitki və insanların sağlamlığının qorunmasında, ölkə əhalisinin yüksək keyfiyyətli və ekoloji təmiz bitki məhsulları ilə qidalanmasında və aqrar iqtisadiyyatın mühüm sahəsi olan bitkiçiliyin inkişaf etməsində mühüm əhəmiyyətini qeyd etmişlər.
Bununla yanaşı, hörmətli deputatlar layihə ilə bağlı bir çox iradlar, rəy və təkliflər də bildirmişlər. Qanun layihəsinə yüksək qiymət verdiklərinə, dəyərli təklif və iradlarını bildirdiklərinə görə deputat həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu təkliflərə işçi qrupunda baxılmış, qanun layihəsi ikinci oxunuşa hazırlanarkən nəzərə alınmış və komissiyada müzakirə edilmişdir.
Qanun layihəsinin 32 maddəsinə 100-dən artıq əlavə və dəyişikliklər edilmiş, 1 yeni maddə və 6 yeni müddəa əlavə edilmişdir. Demək olar ki, layihə dil və quruluş baxımından bir daha redaktə edilərək, yenidən işlənmişdir. Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov qanun layihəsi barədə bir çox təkliflərini bildirmiş, əsasən, layihədə istifadə olunmuş bəzi sözlərin və terminlərin Azərbaycan dilində verilməsini tövsiyə etmişdir. Hörmətli Valeh müəllimin təklifləri və tövsiyələri nəzərə alınmışdır. Layihəyə 1 yeni maddə və 2 müddəa əlavə edilmiş, təkrarçılığı aradan qaldırmaq üçün 1 maddə çıxarılmış və dilimizə yad olan bir çox sözlər Azərbaycan sözləri ilə əvəz olunmuşdur.
Burada mən Valeh müəllimin layihə barədə bir təklifini xüsusi qeyd etmək istəyirəm. Bu təklif ondan ibarətdir ki, fitosanitar nəzarəti ölkədə bitki mühafizəsinin və karantinin düzgün təşkil edilməsi vasitəsi ilə insanların, heyvanların, flora və faunanın sağlamlığının qorunmasını təmin etsin. Layihədə bu məsələlər öz əksini tapmışdır. Lakin fitosanitar nəzarətin hansı qaydada aparılması ardıcıllıqla verilməmişdir. Biz bu məsələnin həlli barədə çox fikirləşdik. İşçi qrupunun üzvləri mütəxəssislərlə məsləhətləşdi və belə qənaətə gəldi ki, fitosanitar nəzarətin istiqamətlərini bir maddədə verək və Nazirlər Kabineti hər mərhələ üzrə ayrıca qaydalar təsdiq etsin. Əgər fitosanitar nəzarətin istiqamətləri layihədə ardıcıllıqla verilsəydi, aparılan fitosanitar tədbirlərin əksəriyyəti hər 3 mərhələdə təkrarlanardı. Çünki fitosanitar tədbirlərə aid edilən müşahidə, analiz, tədqiqat, dərmanlama, zərərsizləşdirmə və digər tədbirlər bu və ya digər şəkildə hər 3 mərhələdə aparılır.
Ona görə də layihəyə “Fitosanitar nəzarətin təşkilinin istiqamətləri” adı altında yeni 5-ci maddə əlavə olunmuşdur. Bu maddədə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası ərazisində fitosanitar nəzarətdə olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş fitosanitar nəzarəti 3 istiqamət üzrə aparılmalıdır. Onlardan birincisi, ölkə ərazisini karantin zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək məqsədi ilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparmaq, fitosanitar ekspertizaları keçirmək və profilaktiki tədbirlər görməkdir. Bu tədbirlər daim aparılmalıdır.
İkinci istiqamət bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Üçüncü istiqamət fitosanitar nəzarətində olan karantin obyektlərində xüsusi təhlükəli zərərli orqanizmlər aşkar olunduğu hallarda müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsinə yönəlmişdir. Belə hallarda karantin ərazisində olan hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməli, zərərli orqanizmlərlə mübarizə aparılması məqsədi ilə məhdudiyyətlər müəyyən edilməli və karantin rejiminin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.
Azərbaycan Respublikası ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktiki tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Qaydalarda bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtləri və beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələbləri nəzərə alınmalıdır.
Komissiya hesab edir ki, fitosanitar nəzarətin bu qaydada təşkili ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək zərərli orqanizmlərdən daha ciddi qorunmasına imkan verəcəkdir.
Hörmətli millət vəkili İltizam Əkbərli qanun layihəsinin qəbul edilməsinin vacibliyini bildirməklə yanaşı, rayonlarda bitki mühafizəsi ilə əlaqədar real vəziyyəti öyrəndiyini, bitki xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı mübarizədə istifadə olunan, habelə istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin gətirilməsində, onların saxlanmasında və satışında kobud pozuntuların olduğunu qeyd etmişdir. Bununla əlaqədar bildirirəm ki, həmin məsələ hər birimizi ciddi narahat edir. Bütün bunlar yerlərdə qanunvericiliyin tələblərinə riayət olunmamasından, bu sahədə nəzarətin zəif olmasından irəli gəlir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində qanun pozuntularını aradan qaldırmalıdırlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, sadalanan nöqsanların aradan qaldırılmasının hüquqi əsasları müzakirə etdiyimiz qanun layihəsinin 17 maddəsində öz əksini tapmışdır. Deputat həmkarım Məjlum Şükürov layihənin 1-ci maddəsində bitki karantini və karantin nəzarətində olan material anlayışlarının yenidən işlənməsinin, 6-cı fəsildə qeyri-dövlət fitosanitar xidməti subyektlərinin lisenziya əsasında dövlət fitosanitar funksiyasını yerinə yetirməsinə imkan verilməsi barədə yeni maddənin daxil edilməsinin vacibliyini bildirmişdir. Bununla əlaqədar bildirmək istəyirəm ki, anlayışlara düzəlişlər edilmişdir. O ki qaldı 6-cı fəsildə qeyri-dövlət fitosanitar xidməti subyektləri barədə yeni maddənin yazılmasına, işçi qrupu bu təklifi məqsədəuyğun hesab etməmişdir. Çünki adından göründüyü kimi, dövlət nəzarəti funksiyası dövlətin səlahiyyətinə aiddir. Layihənin 25.2-ci maddəsində göstərilir ki, qeyri-dövlət fitosanitar xidmətinin subyektləri dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirə bilməzlər. Bu baxımdan həmin təklif nəzərə alınmamışdır.
Hörmətli həmkarım Fazil Mustafayev ölkədə bitki mühafizəsi sahəsində, həmçinin qanun layihəsinin yazılma üslubunda nöqsanların olduğunu qeyd etmişdir. O, layihənin “Fitosanitar xidməti haqqında” adlandırılmasını vurğulamış, əsas anlayışlardan bəhs edən 1-ci maddədə “bitki karantini”, “karantin altında olan material”, “karantin zərərli orqanizm” terminlərinin yenidən işlənməsini, habelə layihənin bir çox müddəalarında dəqiqləşdirmələrin aparılmasını təklif etmişdir. Fazil müəllimin təklifləri nəzərə alınaraq layihənin, demək olar ki, 20-dən çox maddəsində müvafiq düzəlişlər aparılmışdır. Bütün mətndə “karantin altında olan material” sözləri “karantin nəzarətində olan material” sözləri ilə əvəz edilmişdir.
Layihənin adı işçi qrupunda və komissiyada müzakirə edilmiş, qanun layihəsinin adının olduğu kimi saxlanılması məqsədəuyğun hesab edilmişdir. Çünki hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış, Prezidentin 20 aprel 2005-ci il tarixli fərmanı ilə onun Əsasnaməsi təsdiq edilmişdir. Buradan göründüyü kimi, o, Dövlət Fitosanitar Nəzarəti Xidməti adlandırılıb. Bu ad həmçinin beynəlxalq müqavilələrin tələblərinə uyğun verilmişdir. Bundan başqa, nəzərinizə çatdırmaq istəyirəm ki, artıq qanunvericilik təşəbbüsü ilə Prezidentimiz tərəfindən bir sıra layihələrdə “bitki karantini” və “bitki mühafizəsi” ifadələri “fitosanitar nəzarəti xidmətləri” ilə əvəz edilir. Məsələn, bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdik və həmin qanunla bəzi qanunlarda “bitki mühafizəsi”, “bitki karantini” sözləri “fitosanitar nəzarəti” sözləri ilə əvəz edildi. Odur ki, layihənin adı olduğu kimi qalmış və müvafiq qanunvericilik aktlarına uyğundur.
Deputat həmkarım Azər Əmiraslanov qanun layihəsinin konseptual baxımdan qəbul edilməsini məqsədəuyğun hesab etmiş və Ümumdünya Ticarət Təşkilatının Uruqvay raundu çərçivəsində qəbul etdiyi müqavilədə fitosanitar tədbirləri əhatə edən norma və şərtlərin layihədə öz əksini tapmasını, habelə bir çox məsələlərin ona uyğunlaşdırılmasını təklif etmişdir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir. Bu təşkilatın tələblərindən biri də fitosanitar nəzarəti sahəsində yeni qanunvericiliyin beynəlxalq tələblərə və tövsiyələrə uyğunlaşdırılmasıdır. Bu məqsədlə biz çalışmışıq ki, layihədə Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyasının Sanitariya və Fitosanitariya Sazişinin, habelə beynəlxalq təşkilatların tövsiyələri və beynəlxalq müqavilələrin digər tələbləri nəzərə alınsın. 2-ci oxunuşdan sonra da bu işlər davam etdiriləcəkdir.
Hörmətli millət vəkili Lalə xanım Abbasova respublikaya keyfiyyətsiz kimyəvi preparatların gətirilməsindən, onlardan istifadə nəticəsində mənfi təsirin güclənməsindən narahatlığını bildirmişdir. Bununla bağlı regionlarda laboratoriyaların yaradılması və gətirilən dərmanların keyfiyyətinin yoxlanılması məsələsinin qanun layihəsində əksini tapmasını təklif etmişdir. Bitkiçilikdə istifadə edilən kimyəvi preparatların istehsalı, idxalı, satışı və tətbiqi ilə əlaqədar məsələlər layihənin 5-ci və 7-ci fəsillərində öz əksini tapmışdır. Respublikaya keyfiyyətsiz kimyəvi maddələrin gətirilməsi ilə bağlı məsuliyyət məsələləri 9-cu fəsildə verilmişdir.
O ki qaldı laboratoriyaların yaradılmasına, bu məsələ icra strukturlarının səlahiyyətindədir. Belə laboratoriyalar var və fəaliyyət göstərir. Bu barədə layihənin 1-ci oxunuşu zamanı məlumat vermişdim. Təkrar nəzərinizə çatdırmaq istəyirəm ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tabeliyində Respublika Bitki Mühafizəsi Mərkəzi, Nəzarət toksikologiya laboratoriyası, Karantin ekspertiza laboratoriyası, Fumiqasiya mərkəzi, 5 rayonlararası bioloji laboratoriya, 57 bitki mühafizə mərkəzi, bitki karantini üzrə 11 sərhəd keçid məntəqəsi, 20 rayonlararası bitki karantini məntəqəsi fəaliyyət göstərir.
Qanun layihəsinin 1-ci oxunuşunda, habelə komissiyanın müzakirəsində deputat həmkarlarım hörmətli Miri Qəmbərovun və Vidadi Məmmədovun söylədikləri təkliflər nəzərə alınaraq layihənin 3-cü, 10-cu, 17-ci, 19-cu, 26-cı və 33-cü maddələrinə müvafiq əlavə və dəyişikliklər edilmişdir. Göstərilənlərdən başqa, layihənin 1-ci və 2-ci oxunuşu komissiyada müzakirə olunarkən hörmətli komissiya üzvləri Eldar Quliyev, Azər Kərimli, Gülhüseyn Əhmədov, Ərəstun Cavadov və Novruzəli Aslanovun bir çox dəyərli təklifləri layihənin 20-yə qədər maddəsində öz əksini tapmışdır.
Birinci müzakirədə deputatlarla yanaşı, müvafiq nazirlik və komitələrin nümayəndələri də layihə ilə əlaqədar öz təkliflərini bildirmişlər. Dövlət Gömrük Komitəsinin təklifləri nəzərə alınaraq layihənin bir çox maddələrində müvafiq əlavə və dəyişikliklər edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin irad və təklifləri də işçi qrupunda nəzərdən keçirilmiş, qanun layihəsinin bir sıra maddələrinə düzəlişlər edilmişdir.
Hörmətli Sədr, hörmətli deputatlar, mən çıxışımda çalışdım ki, Fitosanitar nəzarəti haqqında qanun layihəsinə ikinci oxunuş üçün irəli sürülən təklif və rəylərin əsasında layihədə edilən əlavə və dəyişikliklər barədə sizə qısaca məlumat verim. Layihənin ikinci oxunuşuna dair verəcəyiniz təkliflərə və söyləyəcəyiniz iradlara görə əvvəlcədən dərin minnətdarlığımı bildirir və sizi müzakirələrdə fəal iştirak etməyə çağırıram. Komissiya hesab edir ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə uyğun olaraq müzakirəyə tam hazırdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. O qədər ətraflı çıxış elədiniz ki, müzakirəyə yazılanların çoxu fikrindən daşındı.
E. İbrahimov. Müzakirə olunan qanun layihəsindən bərk yapışaq ki, respublikada onkoloji xəstəlik olmasın.
Sədrlik edən. Çıxış üçün təkid eləyən yoxdur? Hörmətli millət vəkilləri, xahiş edirəm, ikinci oxunuşda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.46 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Hörmətli millət vəkilləri, fəsil-fəsil səsə qoyuruq. I fəsil. “Ümumi müddəalar”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 81
Yetərsay yoxdur.
Xahiş edirəm, bir də səs verin.
Səsvermənin nəticələri (saat 17.48 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. II fəsil. “Fitosanitar nəzarətin təşkili”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. III fəsil. “Fitosanitar tədbirlər” haqqında. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. IV fəsil. “Zərərli orqanizmlərlə mübarizə”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.50 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. V fəsil. “Bitki mühafizəsi ilə bağlı fitosanitar tələblər”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VI fəsil. “Qeyri-dövlət fitosanitar xidməti”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VII fəsil. “Zəhərli kimyəvi maddələrin istehsalı, tətbiqi və dövriyyəsinə tələblər”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VIII fəsil. “Fitosanitar xidmətinin elmi, kadr və maliyyə təminatı”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. IX fəsil. “Bitki mühafizəsi və karantini qaydalarının pozulmasına görə məsuliyyət”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. X fəsil. “Beynəlxalq əməkdaşlıq və yekun müddəaları”. Münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 82
Əleyhinə 2
Bitərəf 3
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Nəhayət, qanun layihəsinə bütövlükdə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Qanun ikinci oxunuşda qəbul edildi.
Gündəlik qurtardı. Çox sağ olun. Gələn iclasa qədər.