05.03.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 136
Mill Məclisin iclas salonu.
5 mart 2010-cu il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 117 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizəd.
F. Qurbanov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizəd.
T. Məlik-Aslanov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizəd.
* * *
Q. Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
Ş.Məmmədov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini.
* * *
A. Hüseynov, Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının hakimi.
E. Nəsibov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.
A. Qasımov, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Mərkəzinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamədə, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamədə və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
14. Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə Müraciətinin təsdiq edilməsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamədə, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamədə və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
14. “Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
5 mart 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Mən istəyirəm, bugünkü iclasımızı xoş ovqatla başlayaq. Qarşıdan ən gözəl bayramlardan biri – 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu münasibətlə mən istərdim, xanım millət vəkillərimizi, Aparatın xanım işçilərini, media nümayəndələrini, bütün Azərbaycan xanımlarını təbrik edək, onlara can sağlığı, uzun ömür arzulayaq! (Alqışlar.)
İndi xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 107
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: qəbul edildi
Çox sağ olun. Gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı barədə qəbul olunan qərarla bağlı təəssüfümü bildirirəm. Hesab edirəm ki, bu qərar regionda sülhün, əmin-amanlığın bərpa olunması istiqamətində aparılan işlərə ciddi zərbə vuracaq. Çox təəssüflər olsun ki, XX əsrin sonlarında baş verən Xocalı soyqırımına dünya parlamentlərinin adekvat münasibəti yoxdur.
İkinci məsələ. Mən çox istərdim ki, qətlindən artıq 5 il keçən Elmar Hüseynovun ölümü ilə bağlı cinayət işinin üstünün açılmamasına parlament özünün ciddi reaksiyasını versin. Çünki artıq 5 il keçib, amma nə qətlin motivi ilə, nə də cinayət işində adları çəkilənlərin həbs olunması ilə bağlı ciddi informasiya var. Bu isə cəmiyyəti, müxtəlif vətəndaş institutlarını, o cümlədən siyasi partiyaları ciddi narahat edir.
Üçüncü məsələ. Mən istərdim ki, Bakı şəhərində Füzuli meydanından Heydər Əliyev Sarayına qədər olan ərazidə evləri sökülən vətəndaşların narazılıqlarını xüsusi şəkildə ifadə etməsinə də parlament öz münasibətini bildirsin. Biz bundan əvvəl dövlət ehtiyaclarının ödənilməsi üçün evlərin sökülməsi haqqında burada qanun qəbul eləmiş və o qanunda çox açıq şəkildə yazmışdıq ki, dövlət ehtiyacları sırasına nə aiddir. Mən hesab edirəm ki, bu, dövlət ehtiyacı deyil. Dövlət ehtiyacı olmadan Bakı Şəhər İcra Hakimiyyətinin və ya başqa bir qurumun hər hansı bir əmri və ya sərəncamı ilə vətəndaşın mülkünün dəyərləndirilməsi və təklif olunan qiymət onu qane etmirsə, evinin sökülməsi qeyri-qanunidir, vətəndaşın əmlakına qəsddir. Əgər burada mülkiyyət hüququ varsa, artıq onun qiymətini vətəndaş müəyyən etməlidir. Bizim qəbul etdiyimiz qanunda parkın salınması dövlət ehtiyacı deyildir. Dövlət ehtiyacı deyilsə, həmin struktur vətəndaşın mülkünü ya onun təklif etdiyi qiymətə almalı, ya da onun alınmasından vaz keçməlidir. Başqa halda vətəndaşın əmlakına hər hansı şəkildə hər hansı bir struktur qiymət verə bilməz. Dünyanın hər yerində bu şəkildədir. Çox təəssüflər olsun ki, bizdə standart qiymətlər müəyyən ediblər. Vətəndaşa 1500 manatdan pul təklif olunur. Bu, qəbul edilməyəndə evi traktorun, buldozerin ağzına verib sökdürürlər. Bu, qeyri-qanunidir, vətəndaşın mülkiyyət hüququnu pozmaq deməkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu gün cəmiyyətimizi narahat edən ciddi problemlərdən birinə diqqətinizi yönəltmək istəyirəm. Bu, aldadılmış payçıların problemidir. Yüzlərlə Azərbaycan vətəndaşı bununla əlaqədar olaraq millət vəkillərinə müraciət edir. Bu problemlə bağlı müəyyən məsələlərin həlli vacibdir. Amma çox təəccüblü odur ki, Azərbaycanda rəsmi səviyyədə bu məsələdə vətəndaşın xeyrinə atılan bir addım müşahidə olunmur. Diqqət edirsinizsə, bu sahədə müəyyən dələduzluq fəaliyyəti ortaya qoymuş inşaat firmaları ilə bağlı konkret addımlar atılmır. Vətəndaşın günahı deyil ki, 3 il həbs cəzası verilmiş şəxsə 6 ay məhbəsdə yatdıqdan sonra tikinti işi aparmağa icazə verilir və vətəndaş hər hansı bir şəkildə pul ödədikdən sonra özünün mənzilinə sahib ola bilmir.
Biz Rusiyadan bəzi şeyləri götürürük. Amma bəzən pis şeyləri götürürük, yaxşı nümunələri götürmək istəmirik. Məsələ Rusiya Dumasında da ciddi şəkildə müzakirə olunub. Xüsusi komissiya yaradılıb. Hakim partiyadan olan millət vəkili həmin komissiyanın rəhbəri təyin olunub. Bu adam gedib Rusiyanın ayrı-ayrı şəhərlərində bu problemlə üzləşən vətəndaşlarla bir-bir görüşüb və Dumaya yeni qanun layihəsi təqdim eləyib. Həmin qanun layihəsində aldadılmış payçıların hüquqlarının müdafiəsi göstərilir. Mən vaxt az olduğuna görə onun qısa mahiyyətini söyləmək istəyirəm. Bu qanuna görə, artıq hər hansı bankrot inşaat şirkətinin məsuliyyətini dövlət, yaxud da icra strukturları, regionların icra orqanları öz üzərinə götürərək vətəndaşın problemini həll etməyə başlayırlar.
Bəs bizdə necə olur? Vətəndaşı aldadan bir-iki orta səviyyəli məmur həbs olunur, sonuncu pulunu verib ev almış insan isə uzun sürən məhkəmə proseslərindən usanaraq yazıq, miskin, acınacaqlı vəziyyətdə artıq dövlətdən ümidini üzüb, vəziyyətdən heç bir çıxış yolu tapa bilmir. Ona görə mən xahiş edirəm ki, bu sahəyə dair qanunvericilikdə boşluq varsa, bunu düzəldək, burada xüsusi komissiya yaradaq. Artıq qlobal miqyas almış bu prosesin qarşısını almaq üçün ciddi tədbir görülsün və insanlar ödədikləri vəsaitə görə öz mənzillərinə sahib ola bilsinlər. Hesab edirəm ki, bu çox ciddi sosial problemin həllinə hamımızın köməklik göstərməyimiz vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Son vaxtlar Azərbaycanın dövlət başçısı, habelə xarici işlər naziri Dağlıq Qarabağla əlaqədar intensiv danışıqlar aparır, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, digər dövlətlərlə müəyyən danışıqlarda iştirak edirlər. Biz hələ də məsələnin siyasi yolla həll olunacağına ümid edirik. Amma dünyada gedən siyasi proseslər tamamilə bunun əksini göstərir. Türkiyə ilə Ermənistan sərhədinin açılması ilə əlaqədar Sürixdə protokollar imzalanır, sonradan bu protokolların parlamentdə ratifikasiyası üçün Türkiyə dövlətinə çox böyük təzyiqlər olur. Türkiyə dövləti bu təzyiqlərə müqavimət göstərir. Amerika Birləşmiş Ştatları Türkiyənin bu müqavimətini qırmaq üçün ikinci təzyiq metodu kimi dünən Konqresdə qondarma erməni soyqırımı ilə əlaqədar məsələni müzakirə edib və bunu Xarici əlaqələr komitəsində təsdiq edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağla əlaqədar məsələsində çox ciddi problemlər var.
İkinci bir nüans. Bir həftə bundan qabaq Gürcüstanla Rusiyanın çox ciddi narazılıqlarının olmasına baxmayaraq, onlar arasındakı sərhəddən keçən avtomobil yolu açılır. Bu, faktiki olaraq Ermənistanla Rusiya arasında olan sərhədin açılması deməkdir. Çünki Gürcüstan rəhbərliyinin buradan silah-sursat keçirilməyəcəyi barədə bizə verdiyi zəmanətə baxmayaraq, bu yol vasitəsilə istənilən yükləri, o cümlədən hərbi yükləri Ermənistana daşımaq mümkündür. Bütün bunlara diqqət yetirəndə görürsən ki, bizim hətta strateji müttəfiq elan etdiyimiz Gürcüstan da Azərbaycanla münasibətləri gərginləşdirməyə doğru nə isə addımlar atır. Nəyə görə quru yolunun açılması bu dəqiqə, belə bir anda vacib idi? Hətta hava yolu ilə əlaqədar Gürcüstanın özünün və onun əhalisinin problemi olsa da, bu yol açılmır. Amma quru yolunun açılması ilə əlaqədar sənəd imzalanır və quru yolu açılır.
Azərbaycan Gürcüstana strateji cəhətdən, neft məhsulları ilə əlaqədar, enerji ilə əlaqədar, siyasi məsələlərlə əlaqədar həmişə yardım edib. Azərbaycan dövləti həmişə Gürcüstan dövlətinin yanında olub. Amma bu gün o yolun açılması, mən hesab edirəm ki, Azərbaycan dövlətinə arxadan vurulan bir zərbədir. Ümumiyyətlə, son vaxtlar dünyada gedən siyasi proseslər bir daha göstərir ki, Qarabağ məsələsində çox ciddi problemlər yaranır. Bütün bunları nəzərə alaraq mən təklif edərdim ki, biz Milli Məclisdə Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət barədə Xarici İşlər Nazirliyinin məlumatını dinləyək. Mənə belə gəlir ki, bu siyasəti müəyyən qədər təshih etməyə ehtiyac var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun. Hörmətli cənab Sədr, mənim qaldıracağım məsələlərlə əlaqədar hörmətli millət vəkilləri fikirlərini bildirdilər. Mən arzu edərdim ki, bu gün biz Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsi tərəfindən yalançı erməni soyqırımı ilə əlaqədar qəbul olunmuş qərara münasibət bildirək və bəyanat qəbul edək.
Mahiyyət bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının Konqresi öz səlahiyyətini aşaraq xarici ölkələrin tarixi ilə bağlı mübahisəli məsələlər üzrə hakim rolunu oynamaq iddiasına düşüb. Amerika Birləşmiş Ştatlarının müvafiq konqresmenləri unutmamalıdırlar ki, söhbət soyqırımdan gedirsə, yaxın keçmişdə onların ulu babaları Amerikanın yerli əhalisi olan hindu qəbilələrinin hamısına qarşı soyqırımı tətbiq etmiş və onları rezervasiyalara sıxışdırmışlar. Konqres əgər tarixi məsələlərə qarışırsa, qoy bunu Amerika tarixindən başlasın. Amerika Birləşmiş Ştatlarının konqresmenləri unutmamalıdırlar ki, onlar bu gün İraqda, Əfqanıstanda sözün əsil mənasında soyqırımı həyata keçirirlər. Hamımız yaxşı bilirik ki, Konqresin bu qərarı bizə qonşu, qardaş olan dövlətin daxili işlərinə dolayısı ilə müdaxilə etmək deməkdir.
Osmanlı imperiyası ilə əlaqədar hər hansı məsələyə bugünkü Türkiyə Cümhuriyyəti cavab verməməlidir. Bir də ki, bu soyqırımını, əslində, ermənilər həyata keçirmişlər. Biz beynəlxalq məclislərin hamısında məsələ qaldırmalıyıq ki, həmin o soyqırımı Azərbaycana qarşı keçirilib. Əlimizdə sənədlər var, Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə təhqiqat komissiyasının protokolları var. Ermənilər Azərbaycanda hakimiyyətdə olanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirib və bu soyqırımı uzun zaman davam edib. XX əsrin sonlarında Xocalıda soyqırımı bütün dünyanın gözü qarşısında həyata keçirilib.
Ona görə biz Milli Məclis olaraq ikili standartlar siyasətinə qəti etirazımızı bildirməli, bunu bəyanat formasında Amerika Birləşmiş Ştatlarının Konqresinə çatdırmalıyıq. Mənə elə gəlir ki, gələcəkdə bu məsələ ilə əlaqədar Milli Məclisdə dinləmələr keçirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu gün Müsavat deputat qrupu Amerika Birləşmiş Ştatları Konqresi Xarici əlaqələr komitəsinin qəbul etdiyi qərarla bağlı təcili toplantı keçirdi. Bizim qərarımız burada səslənən fikirlərlə üst-üstə düşür. Təklif edirik ki, operativ olmaq üçün Milli Məclisin Aparatına tapşıraq, ən azı bir etiraz müraciəti və ya bəyanatı hazırlansın və razılaşdırılması lazım gələrsə, deputatlarla razılaşdırılıb Amerika Birləşmiş Ştatları Konqresinə göndərilsin. Eyni zamanda, qardaş Türkiyə ilə, türk milləti və türk dövləti ilə həmrəylik ifadə olunsun.
Hörmətli Milli Məclis üzvləri, yenə mən burada bizim qrupun bir məsələ barədə rəsmi sorğusunu çatdırmağı lazım bilirəm. Bilirsiniz ki, bu gün “Yeni Müsavat” qəzetində Bakı Şəhər İcra Hakimiyyəti başçısının sənədinin surəti, tam mətni dərc olunub. Burada on milyonlarla dövlət vəsaitinin, – bu vəsait Dövlət Neft Şirkətinə aid olsa da, – 2008-ci ildən başlayaraq xüsusi fiziki şəxslərin hesabına köçürülməsi və faktiki olaraq həmin şəxsin heç kəs tərəfindən tanınmaması, ümumiyyətlə, məchul bir adam olması və bu vəsaitin hara, necə buxarlanması haqqında heç bir məlumatın olmaması öz əksini tapıb. Qeyd edim ki, Müsavat deputat qrupu bu sənədi dünən müzakirə etmiş və həmin qəzetə təqdim etmişdir. Sənədin əsli də, surəti də məndə, buradadır. Çox ciddi bir məsələ olduğuna görə gələn iclasa qədər, hökumətin hesabatına qədər bu məsələyə aydınlıq gətirilsin. Bir daha təkrar edirəm, söhbət on minlərlə insanın taleyindən, toxunulmaz hüququ olan mənzil və mülkiyyət hüququna qəsdən və bu qəsdin mütəşəkkil dəstə tərəfindən dövlət adından edilməsindən gedir. Bu elə ciddi bir məsələdir ki, dövlət başçısının və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, prokurorluğun bu işə qarışmasını tələb edir.
Burada mən də bayaq səslənən bir məsələyə münasibətimi bildirmək istərdim. Son günlər mətbuatda Elmar Hüseynovun qətli ilə bağlı Eynulla Fətullayevin açıqlamaları dərc olunmuşdu. Düzdür, dünən Təhlükəsizlik Nazirliyi buna ilkin reaksiyanı vermişdir. Amma mətbuatda qeyd olunan faktlar, xüsusən də Eynulla Fətullayevə cəzaçəkmə müəssisəsində görüşdüyü yüksək vəzifəli şəxslər tərəfindən təzyiqlər və hədələr edilməsi məsələsi çox ciddi şəkildə araşdırılmalı və bu məsələyə, eləcə də guya Elmar Hüseynovun müəyyən edilmiş qatillərinin İnterpol tərəfindən axtarışda olmaması haqqında yazılanlara prokurorluq tərəfindən rəsmi şəkildə aydınlıq gətirilməlidir. Əslində, mənim də sorğuma prokurorluq belə cavab vermişdi ki, İnterpolda axtarış elan olunub.
Nəhayət, sonuncu məsələ. Sabirabadda yeraltı suların qalxması və tullantı suları ilə bağlı fövqəladə bir vəziyyət yaranıb. Yüzlərlə sakin mənə bu gün də müraciət edib. Müvafiq icra hakimiyyəti orqanlarına mənim bununla bağlı rəsmi müraciətlərim var. Buradan, Milli Məclisin yüksək tribunasından bunu səsləndirərək, bu məsələyə təcili müdaxilə edilməsini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də, əslində, ötən gün Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsində dünyanın ən böyük yalanı ilə bağlı qəbul olunan sənəd barədə danışmaq istəyirəm. Digər həmkarlarım kimi mən də hesab edirəm ki, biz Amerika Birləşmiş Ştatları Konqresinə, onun Xarici əlaqələr komitəsinə etiraz bəyanatı göndərməliyik. Məncə, onların qəbul elədiyi bu qərar dünyanın hər yerində yaşayan və özünü türk sayan hər bir insan üçün çox böyük təhqirdir. Çünki tarixdə olmayan bir şeyi bir millətin adına bu cür yazmaq o milləti təhqir etmək deməkdir. Ona görə mən hesab edirəm ki, bu məsələdə bizim etirazımız da çox sərt olmalıdır.
Biz etiraz bəyanatında vurğulamalıyıq ki, tarixdə olmayan bir yalanı qəbul edən bir parlamentin komitəsi dünyanın gözü qarşısında ermənilərin törətdiyi Xocalı soyqırımını görmək istəmirsə, bu o deməkdir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv mövqe tuta bilməz. Əgər Amerika Birləşmiş Ştatları Konqresinin, onun komitəsinin belə mexanizmləri varsa, Amerikanın özünün də səs verdiyi BMT qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı məsələləri niyə gündəmə gətirmir və bununla bağlı Ermənistana təzyiq göstərmirlər?
Türkiyəyə bu təzyiqlərin mənası nədir? Amerika Prezidenti özü də vurğulayıb ki, müzakirələrdən öncə Türkiyə–Ermənistan protokollarının ratifikasiyasını sürətləndirin, yəni münasibətləri qurun, sərhədləri açın. Bunu istəyirlər. Bu məsələ Azərbaycanın da maraqlarına birmənalı əks olduğuna görə, təbii ki, biz də öz etirazımızı bildirməliyik.
Mən buradan Orta Asiyanın türkdilli respublikalarını da bizimlə həmrəy olmağa çağırıram. Azərbaycan həmişə bu məsələdə birmənalı olaraq öz mövqeyini deyir, amma bu gün onların da mövqeyini deməsi zamanı gəlib. Onların da gücü böyükdür, o dövlətlərin də vətəndaşı türkdür. Ona görə onların da bu məsələdə öz etirazlarını bildirmələri lazımdır. Mən azərbaycanlılar da daxil olmaqla dünyanın hər yerində yaşayan türkləri çağırıram ki, bu məsələdə susqunluq nümayiş etdirməsinlər. Harada yaşamasından asılı olmayaraq, öz etirazlarını elektron poçtlarla, məktublarla yazsınlar, özü də bu məsələni birmənalı vurğulasınlar ki, biz bunu özümüzə qarşı təhqir kimi qiymətləndiririk. Bizim millətimizə qarşı tətbiq olunan soyqırımlarını görmədən bir milləti belə hədəfə almaq doğru deyil və bu məsələdə Amerika Birləşmiş Ştatlarının bu cür mövqeyi, təbii ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də onun bu cür mövqe...
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Oqtay müəllim, ilk öncə təklif edirəm ki, biz Azərbaycan parlamenti olaraq Xarici İşlər Nazirliyi qarşısında, hökumət qarşısında məsələ qaldıraq ki, Amerika Birləşmiş Ştatlarındakı səfirimiz geri çağırılsın. Bunun əsası var, ona görə ki, Amerika Birləşmiş Ştatları uzun müddətdir Azərbaycana səfir təyin eləmir. Bahar xanımın bu, gülüşünə səbəb ola bilər, amma dövlətlərarası münasibətlərdə səfirin göndərilməməsi heç də yaxşı hal sayılmır. Xatırlayırsınızsa, Rusiya ilə Ukrayna arasında bu hətta ciddi bir qalmaqala səbəb olmuşdu. Ona görə də mən hesab edirəm ki, bu, Azərbaycana dost olmayan bir münasibətin ifadəsidir və səfirin təyin olunmamasının arxasında Türkiyə–Ermənistan sərhədlərinin açılması üçün göstərilən siyasi təzyiqlər, başqa maraqlar dayanır. Dünən də Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsində Türkiyə ilə, qondarma erməni soyqırımı ilə bağlı məlum qətnamə qəbul olundu.
Mən belə hesab edirəm ki, biz buna parlament olaraq kəskin etirazımızı bildirməliyik. Həm də onu bəyan eləməliyik ki, məhz Hüseyn oğlu Obamanın hakimiyyəti dövründə islam dünyasına qarşı münasibətlər getdikcə kəskinləşəcək. Mən bunun əsasının çatışmazlıq kompleksində olduğunu güman edirəm. Bir Hollivud filminə baxmışdım, orada qara dərili bir zabit öz tabeliyində olan qara dərili əsgərləri məhz bu kompleksi olduğuna görə həddən artıq incidir. Mən hesab edirəm ki, Obama islam dünyası ilə yaxşı münasibətlərdən danışa-danışa islam dünyasına qarşı ən sərt addımlar atacaq. O, artıq Amerikanın iki ən yaxşı tərəfdaşını – Türkiyəni və Azərbaycanı itirir. Türkiyə onun həm də NATO üzrə hərbi blokda müttəfiqidir. Bilirsiniz ki, Türkiyədə NATO-nun, Amerika Birləşmiş Ştatlarının hərbi bazaları yerləşir. Amerikanın Azərbaycanla da çox yaxşı münasibətləri var idi. Amma gəlin sorğu keçirək, bu gün Azərbaycan xalqı da, Türkiyə xalqı da Obama Administrasiyasının yürütdüyü siyasətə nifrət edir.
Ona görə mən hesab edirəm ki, biz də qanunverici orqan olaraq xalqımızın iradəsini ifadə edib, öz kəskin etirazımızı bildirməli və dünya ictimaiyyətini də, islam dünyasını da xəbərdar eləməliyik ki, məhz bir müsəlman oğlunun əli ilə islam dünyasına, islam ölkələrinə qarşı çox böyük təxribatlar həyata keçiriləcək və bəlkə də gələcəkdə cinayət kimi qiymətləndiriləcək addımlar atılacaq. Biz ABŞ Konqresini xəbərdar etməliyik ki, əgər o, Xarici əlaqələr komitəsinin bu qətnaməsini qəbul etsə, bizim ölkələrimiz arasındakı münasibətlər həddindən artıq korlanmış olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E. Məmmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımın fikri ilə şərikəm. Amerika Birləşmiş Ştatları Konqresi Xarici əlaqələr komitəsinin bu hərəkəti Türkiyəyə növbəti bir basqı, bir təpkidir. Ancaq mən belə hesab edirəm ki, burada Türkiyədən çox itirən Amerika olacaqdır. Türkiyə böyük, güclü dövlətdir. Amerika cırtdan bir Ermənistanın təhriki ilə elədiyi bu hərəkətlərə görə həm Türkiyəni, həm də bütün Şərq dünyasını itirə bilər. Biz bütün türkdilli dövlətlərlə birlikdə Türkiyə ilə həmrəyliyimizi bildirməliyik. Bu həmrəyliyə bütün islam dünyası da qoşulmalıdır.
İkinci məsələ. Hörmətli Oqtay müəllim, mənə belə gəlir ki, biz artıq ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna diqqət yetirməliyik. Amerikanın mövqeyi, Fransanın mövqeyi göz qabağındadır. Rusiya yenə nisbətən... Düzdür, torpaqlarımız onların köməyi ilə alınıb, ermənilərə verilibdir. Amma bu istiqamətdə elə Rusiya bir az abırlı hərəkət edir. O ikisi açıq-aşkar görürük ki, nə mövqedədir.
Üçüncü məsələ. Mənə belə gəlir ki, Milli Məclis olaraq, biz Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına və ATƏT-ə ünvanlanan xəbərdarlıq xarakterli bir bəyanat qəbul etməliyik. Bizim xəbərdarlıq xarakterli bəyanatımız bu məzmunda olmalıdır ki, əgər onlar Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını istəyir, bizi bu yola çağırır, ancaq bu istiqamətdə məsuliyyətsiz, laqeyd mövqe tutaraq təcavüzkarı yerində oturtmurlarsa, sabah müharibə başlasa, onun məsuliyyəti həmin beynəlxalq təşkilatların üzərinə düşəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim buyursun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sözsüz ki, mən də Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilmiş qərarı pisləyir və hesab edirəm ki, bu, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında olan münasibətlərin ruhuna və əlbəttə, dolayısı yolla həm də Azərbaycanla Amerika Birləşmiş Ştatlarının strateji partnyorluq münasibətlərinə uyğun gəlmir. Amma əslində, mən burada, – sizə tam səmimi deyirəm, – qeyri-adi bir şey də görmürəm. Yəni Amerika Birləşmiş Ştatlarının Konqresi bir daha sübut elədi ki, bu gün dünyada hüququn gücü yox, gücün hüququ hakimdir. Bu reallıqdır, bunu biz qəbul etməliyik. Biz gözləsək ki, beynəlxalq hüququn normaları, prinsipləri... Bunlar getdi, bunlar şirin bir xəyal, bir röya idi. Bunlar hamısı getdi. Cənab Prezident də çox düzgün vurğuladı ki, bu gün Azərbaycan xalqı öz gücünə inanmalı, iqtisadiyyatını və sözsüz ki, ordusunu gücləndirməlidir.
Mən indi İnternetdə baxıram, Nümayəndələr Palatasının spikeri deyir ki, Türkiyə keçmişinə görə hesabat verməlidir. Əvvəla, Türkiyənin keçmişinə görə utanmağa heç bir əsası yoxdur. Bu hələ sübut olunmayıb ki, belə bir hadisə olub, ya olmayıbdır. Türkiyə dəfələrlə bəyan edib ki, gəlin, bu işi verək tarixçilərin öhdəsinə. Getsinlər, otursunlar arxivdə, araşdırsınlar, görək belə bir şey olub, ya yox. Digər bir tərəfdən, əgər Türkiyə öz keçmişinə görə hesabat verməlidirsə, onda Amerika Birləşmiş Ştatlarında hinduların qırılmasının hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qırılan mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qırılan insanların hesabatını kim verməlidir? Bəs bunları niyə demirsiniz? Bayaq Qənirə xanım çox düzgün dedi, Xocalı soyqırımı ki dünyanın gözü qabağında baş verib. Sanki dünən yox, srağagün idi. Sənəd var, fakt var, video var, audio var, hər şey var. Niyə tanımırsınız?
Əlbəttə, indi haqqında danışdığımız qərarın qəbul edilməsindən məqsəd məlumdur. Bu yolla Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etmək istəyirlər. Çox qəribədir, Türkiyəyə deyirlər ki, siz Qarabağ şərtindən vaz keçməlisiniz. Halbuki Ermənistan Konstitusiya Məhkəməsi bu məsələ ilə əlaqədar qərar qəbul edəndə qeyd-şərtlər qoydu. O qeyd-şərtlərin adını çəkmirlər. Bəs niyə Türkiyə vaz keçməlidir? Axı Türkiyə Minsk qrupunun üzvüdür, siz isə Minsk qrupunun həmsədrisiniz. Türkiyə sizi beynəlxalq hüquqa dəvət edir ki, ay Amerika Birləşmiş Ştatları, sən Minsk qrupunun həmsədrisən, qardaş, gəl oturaq, məsələni həll edək. Camaatın torpağı işğal olunub axı. İndi bunun əvəzində Amerika Birləşmiş Ştatlarının Konqresi Türkiyəyə bu yolla təzyiq edir.
Mən bir daha qeyd eləmək istəyirəm ki, bu məsələdə beynəlxalq hüququn normalarını, prinsiplərini həyata keçirməli olan orqanlar həddindən artıq acizlik göstərdilər. Bu bir daha onu sübut elədi ki, dünya BMT tərəfindən yox, özünü “derjava” hesab edən bir neçə qüdrətli dövlət tərəfindən idarə olunur. Mən bu yaxınlarda bir xarici qonaqla söhbət edirdim. Ona deyəndə ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi var və biz o Nizamnamənin 51-ci maddəsinə görə özümüzü müdafiə eləmək hüququna malikik, qonaq yarızarafat, yarıciddi dedi ki, o, Birləşmiş Millətlər Təşklilatının yox, cənab Əsgərov, Amerika Birləşmiş Ştatlarının Nizamnaməsidir. Bu nə deməkdir, bu hara aparır bizi? Bu qədər olmaz axı? Mərdi qova-qova namərd eləmək olmaz. Beynəlxalq hüquqdan, demokratiyadan, insan hüquqları və azadlıqlarından dəm vuranlar işə, əmələ gələndə bunlar haqqında heç eşitmək də istəmirlər. Bu nə deməkdir?
Ona görə mən bir daha möhtərəm Prezidentimizin verdiyi bəyanatı tamamilə dəstəkləyirəm. Hər bir Azərbaycan vətəndaşı bu gün möhtərəm Prezidentimizə arxa, dayaq olmalıdır – uşaqdan tutmuş böyüyədək hamı! Bu gün biz heç kimdən kömək gözləməməli, ancaq özümüzə güvənməliyik. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Orucov. Sən danışmasan, ürəyin soyumayacaq. Yaxşı, buyur, danış.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də bu mövzu ilə bağlı öz narahatçılığımı, cəmiyyətin düşüncələrini bölüşərkən bir məqama diqqəti daha çox cəlb etmək istəyirəm. Görün, ortada nə qədər ustalıqla qurulmuş bir oyun var. Barak Obama bu müzakirələrdən bir gün öncə Türkiyəyə telefon açır. Ondan əvvəl danışıqların hamısı göz önündə baş veribdir. Səsvermədə 17 demokrat konqresmen bu məsələnin lehinə səs verir və bundan sonra səsvermə prosesini bir saat uzadırlar. Bu bir saat ərzində nələr baş verir, bu ayrı bir məsələdir. Bizim parlamentdə bir siyasi məsələ səsə qoyularkən eyni hal baş vermiş olsaydı, indi bütün beynəlxalq qüvvələr əllərində böyük lupa ilə bizim qanunvericilik prosesini təftiş eləməkdə idilər. Sözüm onda deyil.
Kim bunu lobbi maraqları ilə, lobbi təsirləri ilə əlaqələndirirsə, yanılır. Burada qurulmuş böyük bir bazarlaşma var. Bu nədən ibarətdir? Qarşıdakı dövrdə, təbii ki, Türkiyədən daha çox məsələlərdə, o cümlədən sərhəd məsələsində güzəşt istəniləcək. 2007-ci ildə o sənəd gündəlikdən çıxarılmışdı, lakin indi sərhəd açılımına da, başqa məsələlərə də gediləcək və bundan sonra Türkiyə–Amerika münasibətləri zədələnmiş olacaq. Türkiyə–Azərbaycan münasibətlərinə də zərbə dəyəcək. Beləliklə, ermənilər çoxtərəfli bir uduş əldə edirlər. Burada deyildi, Qarabağ prosesinə daha çox zərbə dəyəcək. Həmin sənədin bir maddəsinə diqqət edin. Yazılıb, 2500 illik tarixi vətənindən 2 milyona qədər erməninin qovulması nəticəsində 1,5 milyonu qətlə yetirilib. Nə edək, heç olmasa, gəlin bu cür dəhşətli soyqırımına məruz qalmış insanlara rəhm və şəfqətlə yanaşıb, onları kompensasiya qismində müəyyən torpaqlarla mükafatlandıraq. Bu rəhmdillik mühitində, beynəlxalq ictimai fikir də bu rəhmdilliyə kökləndikdən sonra biz Qarabağ məsələsi üçün hərb qərarını bayaq burada deyilən o siyasi danışıqlar fonunda necə verəcəyik? Deməli, bu məsələ bizim Qarabağ siyasətimiz üçün ən böyük zərbəyə çevrilmiş olacaq.
Ona görə mən burada kimin nə cür qarşılamasından asılı olmayaraq, gələcəkdə Amerika bizə daha böyük zərbələr vurar deyə, hansısa bir örtülü, daha yumşaq, daha ehtiyatlı siyasətin əleyhinəyəm. Biz nə eləyiriksə, elə bir az emosional dövrümüzdə edirik. Bizim emosiyalarımız soyuyan kimi, ziyanımıza ayrı hadisələr baş verir. Mən Azərbaycanın Türkiyə ilə həmrəyliyini nümayiş etdirməsi naminə səfirimizin məsləhətləşmək üçün geri çağırılmasının lehinəyəm. Biz həm öz maraqlarımız, həm də Türkiyənin maraqları üçün bu hadisədə Türkiyənin yanında olmalıyıq. Amerikaya bir sıra məsələləri xatırlatmağa dəyər. Yəni bu məsələnin Prezidentin dərkənarına qədər gedib çıxacağı vaxtadək biz böyük iş görməliyik. Bunun üçün parlament öz addımlarını atmalıdır ki, cəmiyyətimizə nümunə olsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən sizin hamınızın narahatlığını başa düşürəm. Mən dünən Konqresin Xarici əlaqələr komitəsinin qəbul elədiyi qərarla əlaqədar bir-iki məsələni yada salmaq istərdim. O səsvermə prosesini mən xırdalamaq istəmirəm. Vaxtı uzatdılar, 23 nəfər lehinə, 22 nəfər əleyhinə səs verdi və sair. Bunlar hamısı aydın məsələlərdir.
Mən bir neçə məqamı qeyd etmək istəyirəm. Cənab Obama Prezident seçiləndən sonra erməni lobbisinin qarşıya qoyduğu əsas məqsədlərdən biri o idi ki, dövlətin rəhbəri çıxışında “genosid” sözünü işlətsin. Düzdür, cənab Obama “genosid” sözünü işlətmədi, o sözün erməni dilindəki qarşılığından istifadə elədi. Elə həmin günlərdə yenə də Amerika Konqresinin bir qrup deputatı cənab Obamaya açıq məktub yazdı. Məktubun məğzi nədən ibarət idi? Cənab Obama, əgər biz ermənilərə verdiyiniz sözü tutmasaq, gələn seçkilərdə Kaliforniya ştatında demokratlar uduzacaqlar. Gülünc arqumentdir, o boyda Amerika dövlətinin siyasətini, Konqresini yönəldən bir ovuc erməni lobbisidir? Mən buna inanmaq istəmirəm və həqiqətdə də belə deyil. Ancaq biz görürük ki, erməni lobbisinin bu məsələdə rolu, həqiqətən, çox böyük olmuşdur. Bildiyiniz kimi, 2007-ci ildə də Konqresin Xarici əlaqələr komitəsində belə bir qərar qəbul edilmiş, lakin Dövlət Departamenti və Prezident tərəfindən ləğv olunmuşdu. Mən inanmaq istəyirəm ki, Amerika dövlətinin, Amerika Prezidentinin, Amerika xalqının müdrikliyi sayəsində Konqresdə belə bir qərarın qəbul olunmasının qarşısı alınacaqdır.
Konqresmenlərə gəlincə, mən hesab edirəm ki, Türkiyədəki həmkarlarımız da, biz də Amerika konqresmenləri ilə əlaqələrimizi çox yüksək səviyyədə qurmalıyıq. Bunun üçün həm Türkiyə, həm də Azərbaycan parlamentariləri Amerikaya getməli, konqresmenlərlə daha səmərəli iş aparmalı, bu məsələnin məğzini izah eləməlidirlər.
Xarici əlaqələr komitəsində qəbul edilmiş qərarın Konqresdə təsdiq olunması nəyə gətirib çıxara bilər, Türkiyəyə hansı təzyiqlər göstərilə bilər? Mən indi bunları xırdalamaq istəmirəm. Türkiyəyə təzyiq Azərbaycana təzyiqdir. Türkiyə şərt qoyub ki, Dağlıq Qarabağ məsələsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq. İndi haqqında danışdığımız qərarın meydana çıxmasında da məqsədlərdən biri budur ki, bu sərhədlər açılsın. Yəni Ermənistan işğal elədiyi Azərbaycan torpağından çıxmamaq üçün yollar axtarır və belə çıxır ki, bütün dünya da bunu dəstəkləyir.
Ziyafət müəllim artıq bugünkü dünyanın beynəlxalq hüquq normalarından danışdı. Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirməyən bir təşkilata biz necə inana bilərik? Minsk qrupu Birləşmiş Millətlər Təşkilatının təşkil elədiyi, təyin elədiyi bir qurumdur. Minsk qrupunun üç həmsədri – Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya üç ən böyük erməni lobbisinin olduğu dövlətlərdir. Əgər Amerikada erməni lobbisi Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsini Amerikanın ən yaxın müttəfiqlərindən biri və NATO üzvü olan Türkiyəyə qarşı belə bir qeyri-obyektiv qərar qəbul eləməyə sövq edə bilirsə, onda bizim Minsk qrupuna inamımız nə dərəcədə olmalıdır?
Bütün bunlar çox dərin məsələlərdir. Bunu indi parlamentdə belə müzakirə eləmək yox, bunun üzərində işləmək, çalışmaq lazımdır. Sizin hamınız kimi mən də deyirəm ki, Azərbaycan bütün bu məsələlərdə həmişə Türkiyənin yanındadır və həmişə də Türkiyənin yanında olacaq. Bu, Türkiyənin milli maraqları olduğu kimi, Azərbaycanın da milli maraqlarıdır. Biz bundan sonra da Türkiyəyə qarşı qəbul ediləcək hər hansı qeyri- obyektiv qərara qarşı sərt mövqedə olacağıq.
Bununla belə, mən hesab edirəm ki, indi tələsmək lazım deyil. Yenə də deyirəm, mən Amerika dövlətinin müdrikliyinə inanıram. Mən o fikirdəyəm ki, Amerika belə kiçik hisslərə qapılıb bir ovuc lobbini razı salmaq üçün öz müttəfiqlərini itirmək istəməz. Bəzən mən qəzetlərdən oxuyuram, yazırlar ki, nə olsun, Fransa da belə bir qərar qəbul elədi, türklər 1–2 il səs-küy saldılar, sonra bunların ticari əlaqələri əvvəlkindən üç dəfə yüksək səviyyəyə qalxdı. Bu artıq o məsələ deyil. Amerika Birləşmiş Ştatlarında Türkiyəyə qarşı belə bir soyqırımı aktının qəbul olunması tam başqa bir nəticə verə bilər. Ona görə mən Amerika dövlətinin, Amerika Prezidentinin müdrikliyinə inanaraq ümid edirəm ki, bu dərəcəyə gəlib çıxmayacaq.
İndi xahiş edirəm, gündəliyə keçək. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqındadır. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova buyursun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlumdur ki, Azərbaycanda ombudsman institutu 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu ilə təsis edilmiş və ilk ombudsman 2002-ci il iyulun 2-də seçilmişdir. Konstitusiyanın 95-ci maddəsinin 6-cı bəndi və 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq ombudsmanın seçilməsi ölkə Prezidenti ilə parlamentinin birgə həyata keçirdikləri səlahiyyətlər sırasına daxildir. Yəni ombudsman Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən seçilir. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu seçkilərin alternativ əsasda keçirilməsini və ombudsmanın ixtisaslı səs çoxluğu ilə seçilməsini nəzərdə tutur. Həmin qanunun 2-ci maddəsinə əsasən ombudsmanı Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis 83 səs çoxluğu ilə seçir. Beləliklə, seçki prosedurunun başlaması üçün ombudsman vəzifəsinə namizədlərə dair Prezidentin təqdimatının olması əsasdır.
Bu gün sizin müzakirənizə təqdim olunan qanun layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 14-cü bəndi rəhbər tutularaq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi üçün aşağıdakı üç namizəd möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Bunlar Süleymanova Elmira Teymur qızı, Süleymanov Faiq Mirəsədulla oğlu, Məlik-Aslanov Teymur Ramiz oğludur. Nəzərinizə çatdırım ki, İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün bu şəxslərin namizədliyi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Bununla əlaqədar olaraq komitənin 2010-cu il 25 fevral tarixli xüsusi qərarı var. Bu gün həmin üç namizəd sizin müzakirənizə təqdim olunur. Onlardan hər birinin şəxsi işi, avtobioqrafiyası sizə təqdim olunmuşdur və hər birinizdə var.
Mən hörmətli millət vəkillərini yeni ombudsmanın seçilməsi ilə əlaqədar olaraq öz fikirlərini söyləməyə dəvət edirəm. Bu artıq bizim ikinci ombudsman seçimimizdir. Birinci dəfə hörmətli Elmira Süleymanovanı biz ombudsman seçmişdik. 7 illik fəaliyyətinin nəticəsi çox gözəl olmuşdur. Azərbaycanda insan hüquqları üzrə yaranmış bu təsisatın hesabatını hər il dinləmişik. Bu institutun gələcək fəaliyyəti, gələcək inkişafı üçün növbəti ombudsmanın seçilməsi olduqca vacibdir. İnanıram ki, biz bu dəfə də düzgün seçim edəcək və yeni ombudsmanı, yəni tariximizdə ikinci ombudsmanı seçəcəyik. Hörmətli millət vəkilləri, xahiş edirəm, bu məsələ ilə əlaqədar çıxış edib münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Rəbiyyət xanım yaxşı dedi ki, ombudsmanın hər il hesabatı olub. İndi mən baxıram ki, çıxış etməyə 20 nəfər yazılıb. Xatırladıram ki, bu, ombudsman hesabatı deyil, bu, Konstitusiyaya uyğun olaraq Prezident tərəfindən Milli Məclisə göndərilib. 20 nəfər yox, bir neçə nəfər çıxış etsin, ümumi fikir bildirilsin. Sonra səsə qoyarıq. Buyursun Məlahət xanım.
M. İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Mən də Rəbiyyət xanımın Elmira xanım haqqında söylədiyi sözlərə qoşuluram. Elmira xanım Süleymanova haqqında 5–10 dəqiqə müddətində danışmaqla bitməz. Çünki Elmira xanımın həyatı və fəaliyyəti bir örnəkdir. Bütün sahələrdə – istər elm sahəsində, istər ictimai-siyasi fəaliyyətdə, qadın hərəkatında, istərsə də bu 7 ildə ombudsman vəzifəsini daşıdığı müddətdə Elmira xanım həqiqi mənada örnək olmuş, böyük vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, borcunu şərəflə yerinə yetirmişdir. O çox yüksək səviyyədə Azərbaycanı dünyada, eləcə də Avropa məkanında tanıtmış, bütün varlığı, fəaliyyəti, biliyi, bacarığı ilə Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət etmişdir. Heydər Əliyev siyasətinə sədaqətini işi və əməli ilə göstərən Elmira xanım hər bir insanın hüquq və azadlıqlarının qorunmasında, müdafiəsində əlindən gələni etmişdir.
Mən də hesab edirəm ki, bunu müzakirə etməyə dəyməz. Mən də bütün həmkarlarımı Elmira xanıma səs verməyə çağırıram. Təbii ki, o biri iki şəxs də çox dəyərli namizədlərdir. Bizim onların heç birinə qarşı pis fikrimiz yoxdur. Onlara uğurlar arzu edirik.
Mən fürsətdən istifadə edib, başda bizim birinci xanımımız Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan qadını çox böyük nailiyyətlər əldə etmişdir. Həm Elmira xanımın, həm də birinci xanımımızın əldə etdiyi nailiyyətlər bütövlükdə Azərbaycan qadınının nailiyyətidir.
Mən bayaq da çıxışa yazılmışdım, alınmadı. Oqtay müəllim, mən Sizin, Ziyafət müəllimin, bütün həmkarlarımın burada səslənən fikirlərinə qoşuluram. Biz artıq əməli fəaliyyətə keçməliyik. Çünki 1918-ci ildə erməni daşnaklarının və onların Moskvadan olan havadarlarının başımıza gətirdiyi müsibətlər, soyqırımı göz önündədir. Qubadakı məzarlığı bütün dünya seyr edir, amma görmür. Sovet dövründə ermənilərin təhriki və dəstəyi ilə azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya olunmuşlar. 20 ildir Qarabağın işğalı ilə bağlı başımıza gələn bəlaları dünya görmürmü, eşitmirmi? Mən də xahiş edərdim ki, biz Amerika Konqresinə, Amerikanın prezidentinə, Hillari Klintona və müvafiq təşkilatlara müraciətlər ünvanlayaq.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Sabir Hacıyev.
S. Hacıyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsinə üç namizəd təqdim olunub. Qeyd etmək lazımdır ki, hörmətli cənab Prezident tərəfindən bu namizədlərə öz peşəkarlıqlarına görə yüksək etimad göstərilib. Onların hər biri bu vəzifəyə layiqli hesab olunur. Lakin biz bu gün birini seçməliyik. Mənim fikrimcə, bu, hörmətli Elmira xanım Süleymanovadır. Azərbaycanın ilk ombudsmanı olaraq bu institutun ölkəmizdə yaradılmasında və inkişafında onun böyük əməyi var. Bu vəzifədə işləyərkən Elmira xanım öz zəngin təcrübəsinə görə böyük nüfuza malik olub. O, beynəlxalq aləmdə də tanınmış bir ombudsman kimi çox yüksək səviyyədə qəbul olunur. Mən də burada səslənən fikirlərə qoşulub hörmətli millət vəkillərindən xahiş edirəm ki, Elmira xanım Süleymanovaya səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Bahar xanım. Mənim qeyd etmək istədiyim bir neçə məsələ var. Birincisi, hesab edirəm ki, ölkəmizdə İnsan hüquqları üzrə müvəkkil təsisatının yaradılması, onun haqqında xüsusi Konstitusiya Qanununun qəbul olunması, beləliklə, bu təsisata bir konstitusion statusun verilməsi özü Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi önəmdir. 2002-ci ildən fəaliyyət göstərən bu təsisat ona verilən bu konstitusion statusa tam uyğun olmuşdur. Həmkarlarımın qeyd etdiyi kimi, xanım Elmira Süleymanova Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil təsisatının qurulmasında, fəaliyyətində, onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında xüsusi rol oynamışdır.
Bu gün Konstitusiyaya və Konstitusiya Qanununa uyğun olaraq cənab Prezident tərəfindən İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizəd irəli sürülmüşdür. Digər iki namizəddən biri – Faiq Qurbanov Ədliyyə Nazirliyində uzun illərdir İnsan hüquqları şöbəsinin müdiri kimi bu işə öz töhfəsini verir. Teymur Məlik-Aslanovu da mən yaxşı tanıyıram. Diplomatik təcrübəyə, beynəlxalq təşkilatlarda kifayət qədər iş təcrübəsinə malik bir şəxsdir. Amma həmkarlarım kimi mən də hesab edirəm ki, öz təcrübəsinə və insan hüquqlarının qorunmasına verdiyi töhfələrə görə xanım namizədə üstünlük versək, daha ədalətli bir qərar qəbul etmiş olarıq. Təbii ki, hər kəsin öz seçimi var, amma düşünürəm ki, artıq bu mərhələdə biz səsverməni keçirə bilərik. Bahar xanım, məncə, fikirlər ümumən aydındır və deputatlara artıq seçim etmək imkanı yaratmaq lazımdır. Çox sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Sözün doğrusu, bu məsələ ilə bağlı mənim çıxış etmək fikrim yox idi. Amma bizim komitədəki müzakirələr mətbuatda dərc olunandan sonra qərara gəldim ki, plenar iclasda bu məsələ müzakirə olunarkən ədalət naminə bir neçə kəlmə söyləyim.
Söhbət nədən gedir? Mənim fikrimcə, ombudsman vəzifəsi bəlkə də yeganə vəzifədir ki, buraya zəngin həyat təcrübəsi olan müdrik bir insan təyin olunmalıdır. Ona görə ki, insan fitri qabiliyyətə malik ola bilər, çox oxuyub bilikli ola bilər, amma bir keyfiyyət var ki, o, insana yaşla gəlir. Bu keyfiyyət müdriklikdir. Ombudsman vəzifəsinə təyinat məsələsində yaş amili bəlkə də müsbət rol oynayır. Amma mən mətbuatda oxudum ki, bizim komitədə buna mənfi münasibət bildirilib ki, gənclərə yol açılmalıdır. Qəribəsi odur ki, bunu söyləyən adamların özləri Elmira xanımdan uzaq başı 1 yaş cavan və ya yaşlı olarlar. Əgər gənclərə yol açmaq lazımdırsa, özləri bir nümunə olsunlar. Bizim komitədə də kifayət qədər gənc millət vəkilləri var. İkincisi, bu fikri söyləyənlər özləri insan hüquqlarının qorunması sahəsində heç də ombudsman səlahiyyətlərindən az səlahiyyətlərə malik deyillər. Onların özləri də insan hüquqlarını qoruyarkən məmurların qorxusundan kənar fəaliyyət göstərə bilərlər.
Ona görə mən belə qənaətə gəldim ki, bu məsələyə münasibət bildirim və Elmira xanıma qarşı aparılan kampaniyanın ədalətsiz olduğunu söyləyim. Namizədlər göstərilib, onların arasında, hesab edirəm ki, Elmira xanım bu vəzifəni tutmağa daha layiqdir. Ona görə mən də həmkarlarımı Elmira xanıma səs verməyə çağırıram. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən başlanğıcda dedim ki, bu, hesabat deyil, – qayda var, – münasibətdir, münasibəti bildiririk. Fikirlər təxminən aydındır. Buyur, Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli sədarət, bizim qarşımızdakı monitorda Milli Məclisin qərar layihəsi var. Müzakirədən qabaq yazılıb və monitora qoyulub. Mən sizə o qərar layihəsini oxuyuram: “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsinə təqdim etdiyi Elmira Teymur qızı Süleymanovadan, Faiq Mirəsədulla oğlu Qurbanovdan və Teymur Ramiz oğlu Məlik-Aslanovdan ibarət üç namizəd arasından Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili seçilsin”. Bu nə biabırçılıqdır, bu nə komediyadır, bu nə münasibətdir, bu nə müzakirədir? Layihə əvvəlcədən qoyulub bura. Bunun özü elə insan hüquqlarına və müvəkkillərə olan münasibətin nəticəsidir. Nə səsvermədir burada gedir?
Bu yaxınlarda hörmətli cənab Prezident “Euronews”da çıxış etdi. Mən bir çox vətəndaşlar kimi həmin çıxışa qulaq asdım. Orada İlham Əliyev bildirir ki, o, icra hakimiyyətinin başçısıdır. Amma hörmətli İlham Əliyev təkcə icra hakimiyyətinin başçısı deyil, həm də dövlət başçısıdır. Hesab edirəm ki, bu cür təyinatların olması zamanı və bir çox məsələlərdə təkcə icra hakimiyyətinin başçısı kimi yox, dövlət başçısı kimi hərəkət etməlidir.
Hesab edirəm ki, bu namizədlər təkcə burada deyildiyi kimi, yalnız Heydər Əliyev siyasətinin sadiq davamçılarından yox, insan hüquqları sahəsində tanınmış, Azərbaycanda məşhur olan, dünyada məşhur olan, Azərbaycan vətəndaşlarının inandığı şəxslərdən də ola bilərdi. Məsələn, Novella Cəfərova, Arzu Abdullayeva, məsələn, burada çoxlarının sevmədiyi Leyla Yunus, heç olmasa, ən azı burada həmkarımız hörmətli Qənirə xanım Paşayeva. Yoxsa biz o biri namizədləri, ümumiyyətlə, tanımırıq.
Hörmətli Elmira Süleymanovaya bir şəxs kimi heç bir iradım yoxdur. Mötəbər xanımdır, hörmətli xanımdır, qəbulunda da olmuşuq, söhbət də etmişik. Əslində, bu cür şəraitdə, bu rejim şəraitində kim olur-olsun, hətta Pənah Hüseyn də insan hüquqlarının bu cür tapdalandığı bir ölkədə heç nə edə bilməz. Amma bu vəzifəyə kim seçiləcəksə, işə ilk növbədə Eynulla Fətullayevi, Qənimət Zahidi, jurnalistləri və insan hüquqları pozularaq həbs edilmiş digər məhbusları azad etməkdən başlamalıdır. Siyasi məsələlərdə cəsarətini ortaya qoymalı, nazirlərdən çəkinməməli, onlara zəng edərkən əli əsməməlidir. Biz belə bir İnsan hüquqları üzrə müvəkkil görmək istərdik. İnşallah, rejim dəyişəcək və Azərbaycanda belə müvəkkil olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. İnşallah, arzun ürəyində qalar. Birincisi, burada dövlət başçısından danışmırlar. İkincisi, sənin səhvindir ki, komitə ilə Milli Məclisi qarışıq salırsan. Bayaq qeyd etdiyimiz məsələ Amerika Konqresinin deyil, komitənin qərarı olduğu kimi, bu da Milli Məclisin yox, komitənin qərarıdır. Ona görə, bunu əlində bayraq edib danışma. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən də ombudsmanın seçilməsi üçün təqdim olunan namizədlərin sənədlərinə baxdım. Doğrudan da, hər üçü layiqli namizəddir. Mən də həm apardığı işlərə, həm təcrübəsinə, dünyagörüşünə, həm də ombudsman olmamışdan qabaq Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Elmira xanımın seçilməsini təklif edirəm. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, Elmira xanıma səs verək, seçək. Burada komitənin təqdim etdiyi bir layihə var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, buranı bazara çevirmə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, bura küçə mitinqi deyil, Milli Məclisdir. Sən danışanda sənə qarışmadılar. Sənə bir dəfə xəbərdarlıq etmişik. İndi mənim işim-gücüm qurtarıb Pənahla məşğul olum? Davam edin.
S. Novruzov. Mən sizi Elmira xanıma səs verməyə çağırıram. Yazılanlara bir daha fikrimi bildirirəm. Bunlar hər hansı bir fikri formalaşdırmaq istəyirlər ki, guya burada nə isə var. Ombudsmanın fəaliyyəti göz qabağındadır. Hər il Milli Məclisdə hesabat verib, Milli Məclisə təqdim olunubdur. Milli Məclisin deputatları tərəfindən də buna baxılıb, səs verilibdir. Bunun özü elə nəticədir. Digər tərəfdən, hər bir insanın seçilmək hüququ var, namizədliyini irəli sürə bilər. Pənah Hüseynin sadaladığı adamları da tanıyırıq. Metropolitendə partlayış törədib 30–40 nəfərə terror edənlərin müdafiəçiləridir. “Sadval” təşkilatının üzvlərini siyasi məhbus adı ilə Avropa Şurasına göndərənlərdir. Erməni mənşəli adamları müdafiə edən və onların siyahısını Avropa məhkəmələrinə, başqa-başqa yerlərə göndərən adamlardır. Hər hansı bir müəllimin, həkimin, fəhlənin, qaçqının deyil, korrupsiyaya görə məsuliyyətə cəlb olunan, Azərbaycanda etnik separatizmi qızışdıran adamların himayəçisi olanlardır. Biz belə adamları seçəcəyik? Xeyr, qəti şəkildə bunu etmək olmaz. Milli Məclisin deputatları o adama səs verəcək ki, o, bu gün Azərbaycan xalqının, Azərbaycan millətinin, Azərbaycan qaçqınının, Azərbaycan vətəndaşının hüququnu qoruyur. Biz bunun şahidiyik. Kimsə cinayət törədirsə, kimliyindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Biz istəyirik ki, seçəcəyimiz ombudsman buna üstünlük versin. İndi biz ombudsmana gələcəkdə hansı fəaliyyətlə məşğul olması barədə göstəriş verəcəyik? Biz görmüşük ki, ombudsman fəaliyyəti dövründə çox düzgün şəkildə hər bir insanla maraqlanıb. Qanun qarşısında hamı bərabərdir, müəllim də , jurnalist də eynidir. Heç kimə xüsusi bir status verilmir. Cinayət törədibsə, cəzasını çəkməlidir. Onların heç birinin üstünlüyü yoxdur. Bu baxımdan da hesab edirəm ki, bu gün Elmira xanıma səs verməyimiz çox düzgün olacaq.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Çox tez-tez “rejim”dən danışırlar. Rejimi hakimiyyətdə olduğunuz dövrdə siz yaratmışdınız. İnsanlar küçəyə çıxa bilmirdilər. Xalq həmin rejimi dəyişdi, sizə “yox” dedi, sizi hakimiyyətdən süpürüb atdı. Xalq azad, ədalətli səsvermə yolu ilə Azərbaycanda demokratik hakimiyyət qurubdur. Bu hakimiyyət də günü-gündən möhkəmlənir və Azərbaycan xalqının mənafelərini müdafiə etmək naminə daha güclü, daha möhkəm şəkildə inkişaf edir. Bütün həmkarlarımdan xahiş edirəm, Elmira xanıma səs verək. Oqtay müəllim, Sizə də təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. 3 namizəd var. Namizədlərin hər birini səsə qoyacağıq. Nizamnaməyə görə 83 səs olmalıdır, xahiş edirəm, səsvermədə diqqətli olaq.
Səsvermə proseduruna keçirik. Süleymanova Elmira Teymur qızı. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 106
Əleyhinə 7
Bitərəf 0
Səs verməd 0
İştirak edir 113
Nəticə: qəbul edildi
(Alqışlar.) Sağ olun.
Qurbanov Faiq Mirəsədulla oğlu. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 3
Əleyhinə 66
Bitərəf 18
Səs verməd 2
İştirak edir 89
Nəticə: qəbul edilmədi
Sağ olun. Məlik-Aslanov Teymur Ramiz oğlu. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 9
Əleyhinə 59
Bitərəf 23
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edilmədi
Sağ olun.
Səs çoxluğu ilə Süleymanova Elmira Teymur qızı ombudsman təyin edildi. Sağ olun.
Gündəliyin ikinci məsələsinə keçirik. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə. Bu qanun layihəsi pilot layihədir. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Mən də fürsətdən istifadə edərək Elmira xanımı ürəkdən təbrik edirəm, ona uğurlar, uğurlar və yenə də uğurlar arzulayıram.
Əziz dostlar, bu gün bizim parlamentdə müzakirə edəcəyimiz qanun layihəsi əhəmiyyətinə görə başqa qanun layihələrindən xüsusilə seçilir. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi stollarımızın üstündədir. İlk dəfə Azərbaycan tarixində Avropa Birliyinə daxil olan ən böyük ölkələrdən biri olan Fransa ilə xüsusi əlaqələr qurulur, Azərbaycan Respublikası vətəndaşlarının Fransa Respublikasına, Fransa Respublikası vətəndaşlarının Azərbaycana vizasız gedib-gəlməsinə şərait yaradılır.
Azərbaycan Respublikası Prezidentinin məntiqli, ardıcıl apardığı siyasət Azərbaycanın Avropa Birliyi, ümumiyyətlə, Avropa ölkələri üçün çox vacib tərəfdaş kimi yüksəlməsinə imkan yaratmışdır. Bu gün biz bunun canlı şahidiyik. Bu gün Azərbaycan Avropanın lokomotivi olan Fransa ilə münasibətlərini tamamilə yeni müstəvidə qurmağa başlayır. Bu sazişə hörmətli millət vəkilləri öz müsbət münasibətlərini bildirsələr, diplomatik pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşları heç bir problemsiz Fransanın həm Şengen zonasına daxil olan ərazilərinə, həm də bu zonaya daxil olmayan ərazilərinə maneəsiz və vizasız gedə bilərlər. Eyni vəziyyət Fransa Respublikasının vətəndaşlarına da şamil edilir. Bəli, Azərbaycanda və Fransada diplomatik pasportlara malik olan şəxslər bu sazişdən bəhrələnə bilərlər. Bu birinci addımdır. Hesab edirəm ki, bu, yaxın müddətdə bütün pasportlara şamil olunmağa əsas yaradacaq. Bu baxımdan təqdim olunan qanun layihəsi xüsusi əhəmiyyət daşıyır və bəlkə də deyərdim ki, tarixi bir sənəd kimi qiymətləndirilməlidir.
Bizim çoxdan arzusunda olduğumuz sənəd yalnız Azərbaycan tərəfinin təşəbbüsü əsasında qəbul olunmayıb. Bu çox vacib bir məqamdır, xahiş edirəm, hörmətli millət vəkilləri buna fikir versinlər. Biz bir çox istiqamətdə layihələrin qəbul olunmasına tərəfdar çıxmışıq. Ancaq bu sənədin qəbul olunması həm Azərbaycanın, həm də Fransanın istəyidir. Bu da o deməkdir ki, Avropada və dünyada aparıcı rol oynayan ölkələr artıq Azərbaycana münasibətdə öz mövqelərini dəyişdirməkdədirlər. Bu, ilk qaranquşdur, bu sazişə əsasən bizim Şengen zonasına daxil olan ölkələrlə münasibətlərimiz tamamilə başqa istiqamətdə formalaşmağa başlayacaq. Bu saziş bizə nə verəcək? Birincisi, rəsmilər həm Azərbaycana, həm də Fransaya ən yüksək səviyyədə, problemsiz gedib-gələ biləcəklər. Deməli, iki ölkə arasında yüksək səviyyədə siyasi baza formalaşacaq. Bu isə iqtisadi, mədəni, təhsil və humanitar sahədə əlaqələrin daha yüksək səviyyədə formalaşmasına əsas verəcək. Əziz dostlar, hörmətli millət vəkilləri, Azərbaycanın milli maraqlarına tam şəkildə cavab verən bu saziş Azərbaycan Respublikası Prezidentinin məntiqli, ardıcıl apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu sazişin təsdiq olunması Azərbaycana, Azərbaycan vətəndaşlarına xeyir gətirəcək, əlaqələrimizi daha yüksək səviyyədə quracaq. Ona görə hörmətli millət vəkillərindən xahiş edirəm, sazişə öz müsbət fikirlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Sədr. Həmkarım, dostum Səməd Seyidov qanun layihəsini çox geniş şəkildə təqdim etdi və tamamilə haqlı olaraq təsdiq edəcəyimiz sənədlər sırasından bu sazişin əhəmiyyəti üzərində ətraflı dayandı. Ona görə ki, bu sazişin təsdiq olunması, əslində, Azərbaycanın xarici əlaqələri, Azərbaycan dövlətçiliyi üçün xüsusi bir əhəmiyyət kəsb edir. Səməd müəllim tamamilə haqlı olaraq qeyd etdi ki, bu, ilk növbədə ölkə Prezidentinin həyata keçirdiyi qərbyönümlü, Avropa dəyərlərinə üstünlük verilən xarici siyasətin məntiqi nəticəsidir. Hesab edirəm ki, belə bir müsbət nəticənin əldə olunmasında ölkə Prezidentinin siyasətini tətbiq edən Xarici İşlər Nazirliyinin rəhbərliyinin və onun əməkdaşlarının xidmətini də qeyd etmək lazımdır. Eyni zamanda, bizim fransalı dostlarımız da ölkələrimiz arasında bu münasibətlərin daha intensiv olması marağında olmuşlar.
Səməd müəllim, düşünürəm ki, əlbəttə, bu çox mütərəqqi haldır, amma başlanğıcdır. Siz qeyd etdiniz, bu, diplomatik pasporta malik olan şəxslərdən ötrüdür. Amma bizim üçün prioritet olmalıdır ki, gələcəkdə xidməti pasport daşıyıcılarının və bütün Azərbaycan vətəndaşlarının belə bir imkanı olsun. Bu, sadəcə, iki ölkə arasında olan münasibətin göstəricisi olmayacaq. Düşünürəm ki, bu, Azərbaycan vətəndaşlarının real olaraq Avropada işləməsi, çalışması, öz siyasətini həyata keçirməsi ilə bağlıdır. Bu həm də şəxsən mənim üçün ona görə böyük tarixi əhəmiyyət kəsb edir ki, bu gün bizə qarşı ABŞ-da qəbul olunan qərarların kökündə, əslində, erməni lobbisi durur. Bu, imkan verəcək ki, Avropa Azərbaycanı daha yaxından tanısın, Azərbaycan gəncləri Avropada daha geniş şəkildə təhsil ala, çalışa bilsinlər. Bu baxımdan hesab edirəm ki, bu çox mühüm tarixi əhəmiyyət kəsb edən bir qərardır. Həmkarlarımdan xahiş edirəm, bu sazişə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım, buyurun.
B. Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən haqqında söhbət gedən sənədi, doğrudan da, Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirirəm və burada söylənilən bütün fikirlərə şərik olduğumu qeyd etmək istəyirəm. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən
sonra belə uğurları çox olub və bu da davam etməkdədir. Bu, doğrudan da, vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş, tarazlaşdırılmış siyasətin nəticəsidir və biz hədəflərimizi düzgün müəyyənləşdirmişik, bu istiqamətdə də səylərimizi davam etdiririk.
Bayaq imkan olmadı, çıxış eləyə bilmədim. Bu cür siyasət aparılır, uğurlarımız var, amma çox təəssüf, bunların arasından birdən bizə zərbə olan elə hərəkətlərə yol verilir, elə addımlar atılır ki, bir növ adamın əli-qolu boşalır və düşünürsən ki, Ziyafət müəllimin söylədiyi kimi, beynəlxalq hüququn gücü yox, gücün hüququ, doğrudan da, hakimdir. Bu cür qəbul olunan qərarlar görülən bütün işlərə bir anda kölgə salmağa kifayət edir.
Oqtay müəllim, düzdür, biz cari məsələlərə ayrılmış vaxtda bu məsələyə diqqət yetirdik, millət vəkilləri haqlı olaraq Amerika Birləşmiş Ştatları Konqresinin müvafiq komitəsinin qəbul etdiyi qərara öz haqlı iradlarını, kəskin etirazlarını bildirdilər və təkliflər oldu ki, biz bir sənəd qəbul edək. Mən düşünürəm ki, yenə də o fikrə qayıtmaq lazımdır, biz bu gün bir sənəd qəbul etməliyik və burada səslənən bütün fikirlər orada öz əksini tapmalıdır. Bu sənədi həm uyğun komitəyə, həm Konqresin özünə, həm Amerika Birləşmiş Ştatlarının Administrasiyasına, həm də beynəlxalq təşkilatlara göndərməli və öz mövqeyimizi ortaya qoymalıyıq. Biz nə vaxta qədər bunlarla yumşaq davranacağıq axı?
Mən düşünmürəm ki, biz bu qərarı qəbul edərkən onlar dərhal qorxacaqlar, geri çəkiləcəklər və müəyyən addımlar atmayacaqlar. Əlbəttə, əgər bu gün Amerika Birləşmiş Ştatlarına lazımdırsa ki, bu qərar sona qədər qəbul olunsun, o zaman qəbul edəcək. Amma hər halda biz mövqeyimizi ortaya qoymuş olacağıq. Bu cür siyasəti bəyənmədiyimizi, qəbul etmədiyimizi və strateji tərəfdaşlıq münasibətlərinə uyğun gəlmədiyini söyləməyə haqqımız var və bu haqqı bizim əlimizdən heç kəs almayıb.
Ona görə mən millət vəkillərindən də xahiş edirəm ki, onlar da bu fikrin üzərində möhkəm dayansınlar və Oqtay müəllimdən xahiş edək. Oqtay müəllim, bəlkə biz bir qrup yaradaq və ona bəyanat layihəsini hazırlamağı tapşıraq. Günün ikinci yarısında isə bu məsələyə yenidən qayıdaq və bu bəyanatı qəbul eləyək. Milli Məclis bu gün, doğrudan da, Türkiyənin yanında olduğunu, beynəlxalq hüquqa sadiq olduğunu və ədalətsizliyə “yox” dediyini açıq şəkildə ortaya qoymalıdır. Azərbaycan xalqı da bizdən bunu gözləyir. Mən xahiş edirəm, Oqtay müəllim, xahişimizi yerə salmayasınız və belə bir qrupun yaradılması üçün bir qərar qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım, mənə bir neçə müraciət gəldi. Mən komitə sədrlərindən xahiş edəcəyəm, tənəffüs vaxtı 5–10 dəqiqə yığışaq, fikir mübadiləsi aparaq. Mən də hesab edirəm ki, belə bir bəyanat qəbul eləməyin, mövqeyimizi bildirməyin vaxtıdır.
Xahiş edirəm, gündəlikdəki məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycanla Fransa arasında hətta orta əsrlərdən başlayan mədəni əlaqələr var və bu əlaqələr bu gün xüsusi sürətlə davam eləyir. Xüsusilə bizim həmkarımız hörmətli Mehriban xanımın fəaliyyəti nəticəsində son illər həm YUNESKO çərçivəsində, həm də birbaşa Azərbaycanla Fransa arasında geniş mədəni əlaqələr inkişaf etdirilir. Bu mənada həm Parisdə, həm də Bakıda mədəniyyət mərkəzlərinin yaranması artıq bir ehtiyac halına gəlmişdir. Artıq belə bir mərkəz mədəni əlaqələrin, dil əlaqələrinin inkişafında, eləcə də bir sıra ideoloji məsələlərin mədəni kontekstdə həllində, elə bilirik ki, çox böyük rol oynayacaq. Ona görə də bu sazişin təsdiq olunmasına çox böyük ehtiyac var. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Nizami müəllim. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən düşünürəm ki, indi müzakirə etdiyimiz “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” Saziş Avropanın əsas dövlətlərindən biri olan Fransa ilə Azərbaycan arasında diplomatik pasportlara görə vizasız gediş-gəlişin təmin olunması haqqındakı sazişi tamamlayır, daha da zənginləşdirir. Hər iki saziş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mövqelərinin mərkəzi Avropada, o cümlədən Fransada daha da möhkəmlənməsi istiqamətində apardığı müdrik siyasətin konkret nəticəsidir. Bu sazişlərin qəbul olunması dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasının Avropa Birliyində və Avropa Şurasındakı mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Hamıya yaxşı məlumdur ki, Fransa mədəniyyət ölkəsidir. Azərbaycanla Fransanın mədəni sahədə əlaqələrinin böyük bir tarixi vardır. Bu sazişin qəbul olunması sayəsində hər iki ölkədə yaranacaq mədəniyyət mərkəzləri Fransa–Azərbaycan mədəni əlaqələrinin daha dərindən, əsaslı şəkildə öyrənilməsinə, təbliğinə geniş imkan yarada biləcəkdir. Hər iki ölkədə belə mərkəzlərin yaradılması geniş mənada Şərq və Qərb mədəniyyətləri arasında olan əlaqələrin, dialoqun ortaya çıxarılmasına, öyrənilməsinə meydan açacaqdır.
Məlumdur ki, Fransanın arxivlərində, muzeylərində, kitabxanalarında Azərbaycanla, geniş mənada Şərq dünyası ilə bağlı çox zəngin məlumatlar vardır. Bu sazişdə öz əksini tapan mədəniyyət mərkəzlərinin yaranması tariximiz, mədəniyyətimiz, elmimiz üçün qiymətli olan həmin nümunələrin üzə çıxarılmasına və Azərbaycana gətirilməsinə şərait yaradacaqdır. Eyni zamanda, Fransa ölkəsi üçün Azərbaycanda da materiallar az deyildir. Bu, qarşılıqlı şəkildə Fransa–Azərbaycan mədəni əlaqələrinin, elmi əməkdaşlığının inkişafına da rəvac verə biləcəkdir. Bütün bunlara görə mən bu gün təklif olunan sazişi ürəkdən müdafiə edirəm və onun faydalı və əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. Mən bu sazişə məmnuniyyətlə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Səməd Seyidov. Təlatüm müəllim, deputatları dəvət eləyin, Səməd müəllimin çıxışından sonra səsvermə olacaq. Buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Biz də komitəmizdə bu sazişi müzakirə etmişik. Ancaq mən öncə böyük məmnuniyyətlə Bahar xanıma öz minnətdarlığımı bildirmək istəyirəm. Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qərar hamımızı sarsıtdı. Ona görə parlamentin adından belə bir müraciətin qəbul olunması, hesab edirəm ki, çox vacib və əhəmiyyətli bir məsələdir. Biz, təbii ki, bu istiqamətdə tənəffüsdə işləyərik və lazım olan sənədi təqdim edərik.
Bu sazişin əhəmiyyəti barədə isə İsa müəllim çox gözəl qeyd etdi, Azərbaycanda müxtəlif yerlərdə Fransa mədəniyyət mərkəzləri fəaliyyət göstərirlər. Şəhərin mərkəzində Fransa Mədəniyyət Mərkəzi çox yüksək səviyyədə işlərini təşkil edib. Azərbaycan Dillər Universitetində “Fransız Dil Mənbə Mərkəzi” yaradılmışdır. Azərbaycanda 300-dən çox tələbə fransız dilini, fransız mədəniyyətini yüksək səviyyədə öyrənirlər. Azərbaycanda təxminən 200-ə qədər fransız dili müəllimi ən yüksək səviyyədə fransız mədəniyyətini, fransız dilini öyrənməklə məşğuldur. Orta məktəbləri və digər ali məktəbləri götürsək, onların ümumi sayı yüzlərcədir.
Fransa mədəniyyəti dünyanın ən aparıcı mədəniyyətlərindən biridir. Bu gün dünyada aparılan mədəniyyət siyasəti adi siyasətçilərin apardığı siyasətdən daha vacib və əhəmiyyətlidir. Fransa Respublikasının Azərbaycanda mədəniyyət mərkəzlərinin təsisi ilə yanaşı, Azərbaycanın mədəniyyət mərkəzlərinin də Fransada yaranması çox böyük əhəmiyyət kəsb edir. İsa müəllim burada qeyd elədi, biz bundan əvvəl diplomatik pasportlara malik olan şəxslərin vizasız Fransaya gedişini təsdiq etdik. Bu saziş isə Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin Fransada ən yüksək səviyyədə təmsil olunmasına şərait yaradacaq. Ona görə mən sizdən xahiş edərdim, bu sazişi bu gün təsdiq edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bu sazişin əhəmiyyəti haqqında ətraflı danışıb məndən əvvəl çıxış edən həmkarlarımın fikirlərini təkrar eləmək istəmirəm, çünki bu sazişin əhəmiyyəti kifayət qədər əsaslandırıldı. Eyni zamanda, Bahar xanıma təşəkkürümü bildirirəm. Doğrudan da, bu gün Milli Məclis qətiyyətli bir addım atıb, öz mövqeyini bildirməli və o komitəyə hökmən bir müraciət qəbul eləməlidir. Milli Məclisdə təmsil olunan siyasi partiyalar da öz mövqelərini bildirməlidirlər.
Bundan əlavə, mən bir şeyi demək istəyirəm. Bu gün dünya silah dilindən daha çox mədəniyyət dili ilə danışır. Bu gün mədəni əlaqələrin genişləndirilməsinə çox böyük ehtiyac var. Azərbaycan mədəniyyət günlərinin keçirilməsi və bir sıra başqa mədəni tədbirlər Azərbaycanı dünya üçün daha geniş açır və daha yaxşı tanıdır. Bunun nəticələri də, şübhəsiz, daha uzunömürlüdür. Buna görə də belə mədəniyyət mərkəzləri təkcə Fransada yox, Avropanın bir sıra mühüm ölkələrində də açılmalıdır. Mənə elə gəlir ki, İngiltərədə, Almaniyada belə mədəniyyət mərkəzlərinin yaradılması zəruridir. Üstəlik, mən hesab edirəm, gələcəkdə bir sıra mühüm ölkələrdə, o cümlədən Amerikada və Avropanın böyük ölkələrində mədəniyyət mərkəzlərinin nəzdində və yaxud müstəqil Azərbaycan institutlarının fəaliyyətinə ehtiyac var. İnstitut deyəndə 30, 40 nəfərlik böyük kollektiv nəzərə alınmır. 5–6 nəfər kifayət edir. O ölkələrdəki mövcud arxiv materialları və indiki diplomatik sənədlər əsasında Azərbaycanla bağlı bilgilərin öyrənilməsi və onların ümumiləşdirilərək müəyyən kitablar halında nəşri son dərəcə vacibdir. Avropa ölkələrində bir sıra millətlərin bu cür institutları var. Mənə elə gəlir ki, vaxt gəlib yetişib, heç olmasa, biri Amerikada, biri də Avropada olmaq şərti ilə iki azərbaycanşünaslıq və yaxud Azərbaycan institutu yaradılmalıdır ki, o ölkələrdə bizim təbliğimizə kömək eləsin. Şübhəsiz, mənə elə gəlir ki, bu mədəniyyət mərkəzləri ilk addımdır. Bunun ardınca həmin addımların da atılmasına imkan yaranacaqdır. Hesab edirəm ki, hamımız bu sazişə səs verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı” Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bu qanun layihəsində nəzərdə tutulur ki, Bolqarıstan Respublikası və Rumıniya Avropa İttifaqına yeni statusla daxil olub. Ona görə də vaxtilə təsdiq edilmiş sazişdə aşağıdakı maddənin nəzərə alınması tövsiyə olunur: “Hazırkı müddəalar Bolqarıstan Respublikası və Rumıniya tərəfindən, onların Avropa İttifaqına üzvlük səbəbindən, bu İttifaqın üzvü olan dövlətlərə və ya istənilən üçüncü dövlətə irəli sürülən imtiyazlara münasibətdə tətbiq edilməyəcək”. Yəni həmin sazişin 6-cı və 9-cu maddələrinə edilən dəyişikliklər, əsasən, bunlardan ibarətdir. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələlər “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə və “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi haqqında qanun layihələridir. Ziyad müəllim, zəhmət olmasa, hər iki qanun layihəsi barədə məlumat verin, səsverməni ayrıca apararıq. Buyurun.
Z. Səmədzadə. Deməli, hörmətli Ziyafət müəllim, birinci qanun layihəsində “Beynəlxalq konvensiyalar” adlı 2-ci maddənin 1-ci bəndinə yeni yarımbəndlər əlavə edilir. Təklif olunur ki, həmin maddəyə 13 beynəlxalq konvensiya və sazişlərin adları əlavə edilsin. Mən indi vaxtınızı almaq istəmirəm, burada 13 dənə sazişin adı var.
Eyni zamanda, “Gömrük nəzarəti” adlı 3-cü maddəyə yeni bənd əlavə edilir. Onun mahiyyəti ondan ibarətdir ki, tranzit daşımaları ilə bağlı tətbiq edilən prosedurlar müvafiq dövlətin gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq həyata keçirildiyi halda, beynəlxalq, o cümlədən tranzit daşınmaları zamanı yüklərin adları çəkilir.
Sonra, “Sənədlərin işlənməsi” adlı 4-cü maddənin 2-ci bəndinə yeni abzas əlavə edilir. Burada gömrük prosedurlarının sadələşdirilməsi, yük və Əsas Çoxtərəfli Sazişin çərçivəsində yüklərin daşınmasını həyata keçirən nəqliyyat şirkətləri göstərilir. Tərəflər bu cür yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yüklərin asan buraxılmasının tətbiqi üçün qayda işləyib hazırlayırlar.
Bir də, Texniki Əlavəyə yeni maddə əlavə edilir. Bu maddənin də məzmunu tranzitə yardım məsələsini əhatə edir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Digər sənəd “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu, 17-ci sessiyada qəbul edilmişdir. Yazılır ki, Beynəlxalq Dəniz Təşkilatının Konvensiyasına aşağıdakılardan ibarət olan qətnamənin əlavəsində göstərişlər qəbul edilir. Yəni burada, demək olar ki, bütün maddələrə eyni cümlələr əlavə edilir. Mən millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Təklif var ki, hər iki qanun layihəsi səsə qoyulsun. Onda xahiş edirəm, 5-ci məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsinə də münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsidir. Qanun layihəsi ilə bağlı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verəcək. Məlumat üçün bildirim ki, bu qanun layihəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi hörmətli Qüdrət Qurbanov və onun müavini burada iştirak edir. Buyurun, Valeh müəllim.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, sizin müzakirənizə “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilibdir. 1948-ci ildən, Beynəlxalq Dəniz Təşkilatının yaradılmasından başlayaraq dəniz daşınmalarını, dənizlərdə aparılan başqa fəaliyyətləri müəyyənləşdirən, bu fəaliyyətlərlə əlaqədar tərəflər arasında yaranan əlaqələri, hüquqları, öhdəlikləri, məsuliyyətləri və sairi tənzimləyən çoxsaylı sənədlər qəbul edilmişdir. Bu gün müzakirə etdiyimiz konvensiyaya aidiyyəti olduğuna görə bunların adlarını çəkirəm: Birləşmiş Millətlər Təşkilatının dəniz mühitinin çirklənməsinin qarşının alınması, azaldılması və nəzarətdə saxlanılması üçün müvafiq dövlətlər tərəfindən zəruri tədbirlərin görülməsini nəzərdə tutan və müvafiq münasibətləri tənzimləyən 1982-ci il tarixli “Dəniz hüququ haqqında” Konvensiya, 1992-ci il tarixli “Neftlə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiya, 1992-ci il tarixli “Neftlə çirklənmə nəticəsində vurulan zərərə görə kompensasiya ödənilməsi üçün beynəlxalq fondun yaradılması haqqında” Beynəlxalq Konvensiya, 1996-cı il tarixli “Təhlükəli və zərərli maddələrin dənizlə daşınması ilə bağlı zərərə görə məsuliyyət və kompensasiya haqqında” Beynəlxalq Konvensiya. Adları çəkilən konvensiyaların müəyyən maddələrinin davamı, inkişafı olaraq 2001-ci ildə müzakirə etdiyimiz konvensiya qəbul edilmişdir.
Artıq bu konvensiyaya dünya gəmi tonnajının 80 faizinə yaxın hissəsinə malik olan 49 ölkə qoşulmuşdur. Bunların içində hətta iki Xəzəryanı ölkə də var. Təbii ki, Azərbaycan da müəyyən mərhələlərlə, beynəlxalq qurumlarla əməkdaşlıqda müəyyən hazırlıq işləri görərək bu cür konvensiyalara qoşulur. Çünki başqa cür bizim gəmilərin Xəzər dənizində, başqa dənizlərdə bərabərhüquqlu fəaliyyətini təmin etmək mümkün deyil. Misal üçün, bu gün müzakirə etdiyimiz konvensiyaya qoşulmamağımız nəticəsində gəmilərimiz bayaq dediyim 49 ölkənin limanlarında gəmilərin fəaliyyətini, hərəkətini təmin edən yanacaqlar, sürtgü yağları ilə təmin edilməyəcək. Bu da gəmilərin fəaliyyətinin dayanması deməkdir.
Konvensiya, gördüyünüz kimi, giriş hissəsindən, 19 maddədən və bir əlavədən ibarətdir. Maddə 1-də müvafiq anlayışlar verilir. Sonrakı maddələrdə konvensiyanın tətbiq dairəsi, gəmi sahibinin məsuliyyəti müəyyənləşdirilir, konvensiyanın tətbiq dairəsindən kənarda olan istisnalar göstərilir. Təbii ki, “Məcburi sığorta və maliyyə təminatı” adlı 7-ci maddə geniş şəkildə açıqlanmışdır. Bununla bərabər, kompensasiyaya, vurulmuş zərərin ödənilməsi hüquqlarından istifadəyə vaxt məhdudiyyətləri müəyyən edilir, məhkəmə qərarlarının qəbul və icra olunması prosedurları açıqlanır.
Maddə 12-də konvensiyanın imzalanma, ratifikasiya edilmə, qəbul olunma, təsdiq edilmə və qoşulma qaydaları açıqlanır. Bununla bərabər, konvensiyanın qüvvəyəminmə və qüvvədən düşməsi qaydaları da açıqlanır. Lazım bilsəniz, hər bir maddənin xırdalıqlarla, incəliklərlə açıqlanmasını təmin etmək olar. Mən də, bayaq adları çəkilən hörmətli qonaqlarımız da bunu edə bilər. Amma əminəm ki, buna ehtiyac yoxdur, çünki bu, standartlaşdırılmış, illər boyu tətbiq edilərək özünü doğrultmuş bir sənəddir. Mənim fikrimcə, bu qanun layihəsini qəbul edə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Qüdrət müəllim, sağ olun, Sizə yaxşı yol.
Növbəti məsələ “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən qısaca məlumat vermək istəyirəm ki, sadalanan qanunların müvafiq maddələrinin, belə demək mümkünsə, mahiyyəti ondan ibarət olub ki, 15 il və daha çox xidməti vəzifələrini yerinə yetirən şəxslər ştatların ixtisarı və ya səhhətlərinə görə az maaşlı vəzifəyə keçirilərkən indiki qanunvericiliyə görə onların vəzifə maaşları saxlanılırdı. Təklif olunan variant bu müddəanın, ümumiyyətlə, çıxarılmasıdır. Hörmətli həmkarlarım, hesab edirəm ki, bu, tamamilə əsaslıdır. Nə üçün? Çünki həm belə deyək, iqtisadi baxımdan, həm hüquqi, həm də məntiqi baxımdan aşağı vəzifəyə keçirilmiş şəxsin, – bir qədər də bənzətmə aparın, bu, keçmiş sovet qanunvericiliyində olduğu kimi bərabərləşdirmədir, – özündə güzəşt mahiyyətini kəsb etdirən bu cür səlahiyyətlərdən istifadə etməsinin heç bir əsasını görmürük. Ona görə düşünürəm ki, gömrük, feldyeger xidməti, miqrasiya, ədliyyə və daxili işlər orqanlarında xidmət keçmə ilə bağlı belə bir əlavə güzəştin aradan qaldırılması daha məqsədəmüvafiq ola bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm, Ziyafət müəllim. Deyəcəklərimin bu qanun layihəsi ilə birbaşa əlaqəsi olmasa da, miqrasiya ilə bağlı məsələlərə aidiyyəti var. Deməli, Dövlət Miqrasiya Xidməti əcnəbilərin ölkə ərazisində müvəqqəti və daimi yaşamasını tənzimləyən orqandır. Son vaxtlarda yaranmış yeni xidmət sahəsidir. Amma təəssüflər olsun ki, bu qurum stajlı, peşəkar bürokratik və rüşvətxor bir sistem kimi özünü aparır. Mən bu problemi bir dəfə də burada qaldırmışdım, Ziyafət müəllim. Xüsusən bu bizim Borçalıda, Gürcüstanda yaşayan soydaşlarımıza qarşı olan çox haqsız münasibətlə bağlıdır. Dəfələrlə müraciətlər olub. Son dövrlərdə vətəndaşların bizə çox sayda müraciətləri olub. Onların içərisində hətta bizim və sizlərin tanıdığı insanlar var. İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovaya, millət vəkili Gültəkin Hacıbəyliyə, Milli Məclis Sədrinin müavini Bahar Muradovaya, Nəsib bəyə, mənə, bir sıra millət vəkillərinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, onların hüquqları tanınmır. Əslində, nə baş verir? İlk olaraq sorğu ilə müraciət olunur. Onlara başa salırlar ki, siz Azərbaycan vətəndaşı deyilsiniz.
Sizə bir dənə misal deyim. Azərbaycan vətəndaşı Yaqubova Rəqsanə 16 yaşa çatması ilə əlaqədar şəxsiyyət vəsiqəsi almaq üçün rayon polis idarəsinə müraciət edir. Orada Rəqsanənin Gürcüstanda anadan olmasını əsas gətirərək Dövlət Miqrasiya Xidmətindən vətəndaşlığı təsdiq edən arayış gətirməsini tələb edirlər. Həmin xanım da ora müraciət edir. Müraciətdən bir neçə ay sonra bildirilir ki, Yaqubova Rəqsanə Azərbaycan vətəndaşı deyil. Sonra vətəndaş bizə müraciət edir və biz məktub göndəririk. Bizim məktubumuza cavab gəlir ki, Yaqubova Rəqsanə Azərbaycan vətəndaşıdır. Çünki biz Konstitusiyanın müvafiq maddəsi ilə əsaslandırırıq ki, əgər valideynlərdən birisi Azərbaycan vətəndaşıdırsa, həmin uşaq Azərbaycan vətəndaşı sayılır.
Belə məsələlər çoxdur. Təsəvvür edin ki, millət vəkilinin rəsmi sorğu ilə müraciət etməsinə baxmayaraq, bu məsələnin qeyri-mümkün olduğu bildirilir. Amma həmin adam rüşvət verir və o rüşvətin müqabilində işini həll edir. Bununla biz hara gedə bilərik? Dəfələrlə burada həmin xidmətin işindən narazılıq bildirilibdir. Amma çox təəssüflər olsun ki, şikayətlərin sayı azalmaqdansa, getdikcə artmaqdadır. Bu günlərdə yenə də həmin məsələ ilə bağlı 6 ay gedən yazışmadan sonra adama başa saldılar ki, bunun bir yolu var, pulunu verəcəksən və tələbini alacaqsan. Bunu burada təkrar səsləndirməkdə məqsədim odur ki, həmin adamlar bilsinlər ki, bu məsələ bizim diqqətimizdədir. Sizin – rəhbərlikdə oturanların da bu məsələyə diqqət yetirməsi və həmin adamlarla bu məsələni danışması lazımdır. Axı, həmin insanlar bizim vətəndaşlarımızdır. Bu cür incidilən insanda necə dövlət, millət sevgisi yaratmaq olar? Onlar, axı, sabah bizim əsgərlərimizdir, vətəndaşlarımızdır. Yəni buna görə mən bu etirazları burada səsləndirdim və sizdən də xahişim budur ki, bu məsələ ilə bağlı çox ciddi bir ölçü götürülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Arzu müəllim, mən bir məsələni sizə aydınlaşdırmaq istəyirəm. Düzdür, bizim Konstitusiyamızda belə bir müddəa var ki, valideynlərdən biri əgər Azərbaycan vətəndaşıdırsa və uşaq Azərbaycanda doğulubsa, Azərbaycan vətəndaşı hesab olunur. Amma bir şərtlə ki, həmin şəxs başqa dövlətin vətəndaşı olmasın. Bu, tamamilə doğrudur. Azərbaycan ərazisində Azərbaycan Konstitusiyası qüvvədədir və burada heç bir problem yoxdur. Amma bəzən elə hallar olur ki, şəxs həm Gürcüstanın vətəndaşıdır, həm də Azərbaycanın. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa yol vermədiyinə görə, ola bilsin ki, orada müəyyən hallar ortaya çıxa bilər. Yəni bu, aydınlaşdırılmalıdır.
İndi siz Dövlət Miqrasiya xidmətini burada günahlandırırsınız. Mən hesab etmirəm ki, orada Siz deyən kimi rüşvət alırlar. Amma, doğrudan, burada müəyyən problemlər ortaya çıxa bilir. Elə problemlər ki, bəzən onun izahı çətin olur. Məsələn, şəxs Gürcüstandan gəlir. Bir tərəfdən azərbaycanlıdır, bizim soydaşımızdır, başa düşürük. Amma digər tərəfdən, o, xarici dövlətin vətəndaşıdır. Mən başa düşürəm, burada sırf humanist hisslər daha çox önə çəkilir. Amma, eyni zamanda, qanun qanundur, Arzu bəy. Gərək biz bunu da nəzərə alaq. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Mənim bir sualım var. Mən qanun layihəsinə səs verəcəyəm, amma istərdim, Əli müəllim aydınlıq gətirsin ki, nəyə görə xüsusi olaraq 5 orqan seçilib və onlara belə güzəştlərə imkan yaradılıb? Çünki dövlət qulluğunda olan digər orqanlar da var. Niyə xüsusi olaraq bu 5 orqan üçün belə bir güzəşt tətbiq edilir?
Sədrlik edən. Əli müəllim, Vahid müəllim sual verir ki, niyə məhz bu 5 orqan seçilib, digərləri yox?
Ə. Hüseynov. Ziyafət müəllim, ona görə ki, bu cür güzəşt digər orqanlarda yoxdur. Yəni o orqanların fəaliyyətini tənzimləyən qanunlarda bu cür güzəşt var idi. Yəni vətəndaş 15 il, ondan daha çox çalışdıqdan sonra hətta aşağı vəzifəyə keçirilirdisə, vəzifə maaşını qoruyub saxlayırdıq. Belə demək mümkündürsə, güzəşt bu 5 orqanda var, digər orqanlar üçün nəzərdə tutulmayıb.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir.
İcazənizlə, bu qanun layihəsi ilə bağlı mən məlumat verim. Hər iki qanun layihəsi möhtərəm cənab Prezidentdən daxil olubdur. Bilirsiniz ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 173-cü maddəsində “yanğından mühafizə orqanları” sözləri təsbit olunubdur. Hazırda bildiyiniz kimi, yanğından mühafizə orqanları Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil olduğuna görə təklif olunur ki, qanunda “müvafiq icra hakimiyyəti orqanı” sözləri yazılsın. Bu da, hesab edirəm, bizim Konstitusiyamıza tamamilə uyğundur.
İkinci məsələ. Meşə Məcəlləsinin 20-ci maddəsinin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblərinə” sözləri ilə əvəz edilir. Digər qanunvericilik aktlarında olduğu kimi, uyğunlaşdırıldığına görə bu cür ifadənin getməsi məntiqi hesab olunur. Bu qanun layihəsi digər komitələrdə də müzakirə olunub. Valeh müəllim, bu sizin komitədə müzakirə olunub. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Sizin təqdimatınızdan sonra, yəqin ki, mənim çıxışıma ehtiyac yox dur. Özü də bu, redaktə xarakterlidir, mövcud qanunvericiliyə uyğunlaşdırmaq üçün edilən əlavə və dəyişikliklərdir. Ona görə də, fikrimcə, qanun layihəsini səsə qoyub qəbul etsək, daha düzgün olar. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Bu məsələ bizim komitədə də müzakirə olunub, ona görə icazə verin, birinci mən məlumat verim, sonra digər komitə sədrləri məlumat verəcəklər. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilir: “Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığın təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi – idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər”. Hesab edirəm, bu, olduqca çox lazımlı bir əlavədir.
Bu əlavənin edilməsində məqsəd nədən ibarətdir? Fikir versəniz, yazılıb ki, çağırışaqədər yaşlı gənclərin və çağırışçıların. Məqsəd ondan ibarətdir ki, həm çağırışaqədər gənclərimiz, həm də çağırışçılar fiziki cəhətdən sağlam Azərbaycan vətəndaşı kimi böyüsünlər. Bu, olduqca vacib bir məsələdir. Eyni zamanda, nəzərdə tutulur ki, bu, müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi – idman təşkilatları arasında bağlanan müxtəlif müqavilələr əsasında həyata keçirilir. Əlbəttə, hər bir Azərbaycan gəncinin, Azərbaycan əsgərinin sağlamlığı, fiziki və mənəvi cəhətdən möhkəm olması, sağlam həyat tərzi keçirməsi nöqteyi-nəzərindən bu əlavənin olduqca böyük əhəmiyyəti var. Hesab edirəm ki, yerində olan bir əlavədir. Digər komitələrdə də bu məsələ müzakirə olunub. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, minnətdaram. Bu gün bu layihənin müzakirəsi çox əlamətdar bir hadisəyə təsadüf edir. Bu gün ölkəmizdə “Bədən tərbiyəsi və idman günü”dür. Mən fürsətdən istifadə edib idmanla bağlı olan deputatların hamısını təbrik etmək istəyirəm. Eyni zamanda, mən Azərbaycanda idman hərəkatında iştirak edən bütün insanları təbrik etmək istəyirəm. Bizim komissiya 4 sənədə, 4 qanuna edilən düzəlişlər və əlavələri müzakirə edib. Bunların mahiyyətində nə durur? Bizi daim narahat edən məsələ o idi ki, özəl idman qurğularından əlillərin, maddi imkanı az olan insanların istifadə etmək imkanları məhdudlaşmışdı. Bu düzəlişlər imkan verir ki, həmin qrup insan pulsuz idman qurğularından istifadə etsin. Əsas mahiyyət bundan ibarətdir. Bir daha idmançılarımızı təbrik edirəm və hamınızı bu layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Biz də bu təbriklərə qoşuluruq. İclasımızda idmançıların nümayəndələri var. Onların timsalında bütün idmançılarımızı təbrik edirik. Arif müəllim, layihə sizin komitədə müzakirə olunub, buyurun, məlumat verin.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. “Bədən tərbiyəsi və idman haqqında” Qanunda bələdiyyələrin fəaliyyəti ilə əlaqədar bir sıra müddəalar var. Layihədə nəzərdə tutulur ki, bu müddəalar müvafiq qanunlara daxil edilsin. Hadi müəllimin dediyi kimi, dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərdə, təşkilatlarda sağlamlıq imkanları məhdud olan və valideyn himayəsindən məhrum olmuş uşaqlara pulsuz xidmət göstərilməsi nəzərdə tutulur. Biri budur.
“Bələdiyyələrin statusu haqqında” Qanuna bir düzəliş edilibdir. “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 5-ci maddəsində bələdiyyələrin bu sahədə səlahiyyətləri müəyyənləşdirilir. Layihənin məqsədi ondan ibarətdir ki, bu məsələ “Bələdiyyələrin statusu haqqında” Qanunda öz əksini tapsın. Düzəlişlər bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Əli müəllim, Sizin əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Yazılanlar var, müzakirəyə başlayırıq. Tahir Rzayev, buyurun.
T. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsini çox əhəmiyyətli sayıram. Burada səsləndirildiyi kimi, aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, əlillərə bədən tərbiyəsi sahəsində pulsuz xidmət göstərilməsi çox vacibdir və əhəmiyyətlidir.
Bu gün bədən tərbiyəsi və idmanla məşğul olanların əksəriyyəti gənclərdir. Gənclər nəinki bu sahədə, eləcə də, müstəqil respublikamızın inkişafında, dövlət işlərində çox böyük fəallıq göstərirlər. Lakin mən bir məsələni xatırlatmaq istəyirəm. Cari məsələlər müzakirə edilərkən bunu demək istədim, imkan olmadı. Bu gün bizim ölkəyə, nailiyyətlərimizə qara yaxıldığı kimi, bizim gənclərə, tələbələrə də qaralar yaxılır.
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti narkotiklərlə mübarizəyə dair illik hesabatını açıqlayıb. Həmin hesabatda göstərilir ki, Azərbaycandakı tələbələrin əksəriyyəti narkotiklə məşğul olur. Hesabatda göstərilir ki, bu gün Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatda olduğu halda, əslində, onların sayı 200 mindən artıqdır. Mən çox təəssüf edirəm, həmin hesabatda bir daha, heç bir əsas olmadan qeyd olunur ki, narkotik maddə qəbul edənlərin 30–35 faizi bizim tələbələrdir, gənclərdir. Bu bizim tələbələrin adına deyilən böhtandır, yalandır, bunu heç cür qəbul etmək olmaz. Mən elə bilirəm ki, biz ölkədə gəncləri ictimai işlərə, idman, bədən tərbiyəsinə yaxından cəlb etməklə belə bədxahlara öz sözlərimizi deyə bilərik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Aydın Həsənov.
A. Həsənov. Ziyafət müəllim, mən komitənin iclasında da qeydlərimi dedim. “Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığın təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər”. Mən başa düşə bilmirəm, burada nə demək istəyirlər? Siz çox sağ olun, qısa da olsa, məlumat verdiniz, başa düşdük.
Mən uzun müddət çağırışçılarla məşğul olmuşam. SSRİ vaxtında rayonlararası spartakiadalar, yarışlar keçirilirdi, OADKYC və səhiyyə orqanları ilə bir yerdə işləyirdik. İlin axırında siyahı da tutulub hərbi komissarlığa verilirdi ki, filan çağırışçılar, misal üçün, birinci və ya ikinci dərəcəli idman ustasıdırlar. Burada müdafiədən və hərbi komissarlıqdan bəhs edilir. Hərbi komissarlıq çağırışçının şəxsi işini qeyd edir, həmin iş də Müdafiə Nazirliyinə gedir. Orduda da onun hansı hərbi hissədə xidmət edəcəyi bilinir. SKA dediyimiz Hərbi İdman Klubu həmin idmançıları yığır, onlar da respublika və dünya birinciliklərində çıxış edirlər. Bu cümlə də o qədər qəliz cümlədir ki, mən özüm başa düşmürəm. Xahiş edirəm, bunu bir izah etsinlər.
Sədrlik edən. Mən üzr istəyirəm, Aydın müəllim. Siz onu elə düz başa düşmüsünüz, necə izah etdiniz, elə də başa düşün. Sadəcə, burada söhbət bilirsiniz nədən gedir? Söhbət idman proqramlarından, bir də çağırışçının məşğul olacağı idman növlərindən gedir. Yəni hərbi komissarlıqdan söhbət getmir. Fikir verirsiniz, çağırışaqədər gənclərin hazırlığından söhbət gedir. Yəni hərbi komissarlığa gedənə qədər bu adam müəyyən idman növləri ilə məşğul olur. Üzgüçülük, güləş, boks və sair idman növləri nəzərdə tutulur. Burada söhbət müvafiq icra hakimiyyəti orqanının idman proqramlarını və həmin idman növlərini müəyyən etməsindən gedir. Sizin dediyiniz hərbi-uşaq oyunlarıdır. Mənim də yadıma gəlir, biz orta məktəbdə oxuyanda bunlarla məşğul olurduq. Bütün bunlar həmin proqramlarda nəzərdə tutulur. Yəni demək istəyirəm ki, düz başa düşmüsünüz, elə də qəbul edin. Ola bilər, cümlədə müəyyən söz yerində deyil. Amma söhbət elə məhz ondan gedir ki, hər bir Azərbaycan vətəndaşı…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, müvafiq icra hakimiyyəti orqanının konkret adını biz burada göstərə bilmərik. Bu, artıq cənab Prezidentin fərmanında müəyyən olunacaq. Yəqin ki, Gənclər və İdman Nazirliyi ola bilər. Baba Tağıyev buyursun.
B. Tağıyev. Hörmətli millət vəkilləri! “Uşaq hüquqları haqqında” Qanunun 25-ci maddəsinə əlavələr edilməsi və bununla əlaqədar aztəminatlı ailələrdən olan uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət və bələdiyyə bədən tərbiyəsi təşkilatlarında pulsuz xidmətin göstərilməsi çox gözəl haldır. Mən buraya bir əlavə etmək istərdim. Konstitusiyamızın 34-cü maddəsinə görə çoxuşaqlı ailələrə dövlət yardımı göstərilməsi vacib sayılır. Bəzi çoxuşaqlı ailələrdə ayrı-ayrılıqda hər bir uşağa bədən tərbiyəsi üçün vəsaitin ayrılması ailə üçün çətinliklər yaradır. Mən təklif edirəm ki, Konstitusiyanın 34-cü maddəsini əsas tutaraq bu maddəyə “dövlət çoxuşaqlı ailələrə yardım göstərir” müddəası əlavə olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hadi müəllim, çox ciddi təklifdir, xahiş edirəm, bunu nəzərə alın. Çox sağ olun. Aqil Abbasov.
A. Abbasov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən təklif edilən əlavələrin hamısı ilə razıyam. Bir-iki fikrim var. Ziyafət müəllim, Bakı şəhərində nəvənizi və ya oğlunuzu aparmağa bir tir tapa bilməzsiniz. Bakı şəhərində tirlərin hamısını özəlləşdirdilər, dükan etdilər. Yəni dövlətin pulu yoxdurmu, bunların birini də dövlət özəlləşdirsin? Şəhərdə 5–6 yerdə, heç olmasa, tir olmalıdır. Bizim hamımız tirdə güllə atmağı öyrənmişik, sonra böyümüşük. Bundan başqa, eləcə də heç bir rayonda, məsələn, mənim gəzdiyim rayonların birində belə, tir görməmişəm. Böyük rayonlarda belə, tir yoxdur. Uşaqlar harada güllə atmağı öyrənəcəklər? Heç harada. Bu, məsələnin bir tərəfi, amma vaxtilə çox idi. Deyəsən, bu yaxınlarda Bakıda bir yerdə açdılar, sevindim ki, harada isə bir tir açdılar, uşaq apara bilərik.
İkinci məsələ. Orta məktəblərdə hərbi hazırlıq dərsi keçilir. Orta məktəblərdəki hərbi hazırlıq müəllimlərinin 90 faizi hərbi işdən xəbəri olmayan adamlardır. Başqa fənn üzrə müəllimlərdir, yəni 1–2 il əsgərlikdə olublar. Bu məsələyə də diqqət çəkilməlidir. Bu məsələ ən önəmli məsələlərdən biridir.
Aydın müəllim dedi, Siz də təsdiqlədiniz, “Üfüqdə parıltı” deyilən bir oyun var idi. Mən Ağdamda 2 saylı məktəbdə oxuyurdum, həmin oyuna düşmək üçün dəridən-qabıqdan çıxırdım, Bakıda 2–3 dəfə çempion olmuşam. Bu oyunlar bütün Azərbaycanda bayram səviyyəsində keçirilirdi. Rayonlarda məktəblər arasında keçirilirdi, qaliblər müəyyən olunurdu və sonra Bakıya gəlirdilər, Pirəkəşkül deyilən yerdə, özü də torpağın üstündə yatırdıq, yatmağa yer də vermirdilər. Uşaqlar arasında böyük bir bayrama çevrilirdi. İndi də belə bir tədbir var, amma çox süni keçirilir. Hələ cəbhə bölgəsinin hər hansı bir məktəbində belə tədbirin keçirildiyini eşitməmişəm. Yəqin ki, birini hazırlayırlar, Bakıda 3–4 gün fırlanıb çıxıb gedirlər. Bu məsələyə də diqqət çəkilməlidir.
Xahiş edirəm, parlament səlahiyyətlərindən istifadə etsin. Bakıda müəyyən yerlərdə dövlət də tirləri özəlləşdirsin. Məmmədin 5 manatı varsa, tiri özəlləşdirib orada paltar sata bilir. Dövlət də özəlləşdirsin, yaxud yenisini tiksin. 6-cı paralel deyilən yerdə gözəl tir var idi. Orada güllə atıcılığı ilə məşğul olmaq mümkün idi. Ora da mağaza oldu. Təkcə Bakıda yox, rayonlarda da tirlər açılsın ki, uşaqlar tüfəngin nə olduğunu bilsinlər. Bir də, orta məktəblərdə bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Mənim fikrim bu qədər. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Aqil müəllim, sağ olun. Orta məktəblərdə hərbi hazırlıqla bağlı bəzi məsələləri demək istəyirəm. Bir neçə dəfə Qənirə xanım bu məsələni qaldırdı. Mən özüm də şəxsən həmin məsələ ilə məşğul oldum. Doğrudan, niyə məktəblərdə mütəxəssislər dərs demirlər? Məlum oldu ki, hərbi hazırlıq dərslərinə ayrılan saat çox azdır, yəni maaş az olduğuna görə hərbiçilərin orada dərs demələri onlar üçün sərfəli deyil. Açığı, problem bundan ibarətdir. Amma mən razıyam ki, hər bir halda bu məsələ tənzimlənməlidir, həll olunmalıdır. Bir tirin ünvanını mən sizə deyim. Neftçilər prospektində təzə binada tir açılıb, mən həftədə iki dəfə gedib orada məşğul oluram. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Burada hərbi idman oyunlarının inkişafı məsələsinə diqqətin yetirilməsi barədə söylənilənləri mən də təqdir və müdafiə edirəm. Prinsip etibarilə bu qanuna edilən əlavə və dəyişikliklər də həmin istiqamətə yönəlibdir. Sizin indi toxunduğunuz məsələ barədə demək istəyirəm. Prinsipcə bir vəzifə təyin olunsa, hərbi rəhbərlər üçün saat məsələsi götürülsə, bu məsələni asanlıqla həll etmək olar. Məktəbdə hərbi rəhbərin vəzifəsi yalnız dərs saatı ilə məhdudlaşmır.
Bundan əlavə, mənim bu məsələ ilə əlaqədar dediyim digər cəhət hərbidə idman məsələsidir, yəni hərbiçilərin idmanla məşğul olmaları üçün qanunvericilikdə müəyyən əlavə və dəyişikliklərin edilməsi yolu ilə imkanlar yaradılır. Amma mənim çıxış etməyimin səbəbi təkcə bu deyil.
Biz universitetdə oxuyarkən Mərkəzi Hərbi Stadion var idi. Biz həm hərbi hazırlıq, həm də bədən tərbiyəsi dərslərini bir qayda olaraq həmin stadionda keçirdik. İndi orada hərbi hissə var, o vaxt da var idi. Bu hərbi hissədə kimlərin qulluq etdiyi məlum deyildir. Mən sizə açıq deyim, burada səslənsin, çünki bu barədə tədbir görülməlidir. Əvvəllər orada qulluq etmək üçün 5–6 min verirdilər. İndi 15–20 minə qalxıb və bundan daha yuxarıdır. Mən çox istərdim ki, Müdafiə Nazirliyi bu məsələ ilə məşğul olsun. Həmin stadiondakı hərbi hissədə kimlər qulluq edirlər? Bizə dəfələrlə müraciətlər olub. Qiymət də artmaqda davam edir. Bunun məsuliyyətinin müəyyən edilməsi üçün ciddi tədbirlər görülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Fasilədir, artıq saat 3-ə işləyir. Mən xahiş edirəm, məsələni yekunlaşdıraq. Hər şey aydındır, normal dəyişiklikdir. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilədir.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımızı davam etdiririk. Gündəliyə keçməzdən əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Müzakirələrə başlayanda bir çox millət vəkili tərəfindən məsələ qaldırıldı ki, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 152-ci qətnaməsi üzrə bəyanat qəbul edək. Fasilə zamanı bir çox deputat, eləcə də partiyalar adından bizə müraciətlər oldu. Mən hesab edirəm ki, həqiqətən, biz bu qətnaməyə görə öz fikirlərimizi bildirməli və bəyanat qəbul etməliyik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ona görə mən təklif edərdim ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə bu təklifi verənlərdən – İqbal Ağazadə, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Zahid Orucov, Mübariz Qurbanlı, Əli Hüseynovdan ibarət bir komissiya təşkil olunsun. Bizim iş günümüzün axırına kimi bir bəyanat hazırlasınlar. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Olsun, İkram İsrafil də buyursun. Gündəlikdəki məsələlərin müzakirəsini davam etdiririk. Gündəliyin 11-ci məsələsi qanunlara dəyişikliklər haqqındadır. Bu layihə 9 komitədə müzakirə edilib. Bu məsələyə dair danışmaq üçün Çingiz Əsədullayev buyursun.
Ç. Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli həmkarlarım, bildiyiniz kimi, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Bizim komitədə bu məsələyə baxılıb. Bu dəyişikliklərin hamısı texniki xarakter daşıyır. 34 qanunda “Milli Bank” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz olunur. Komitəmizdə bu məsələyə baxılıb və yekdilliklə qəbul olunub, Milli Məclisin iclasına çıxarılmasına tövsiyə edilib. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, Sizin komitədə də bu layihəyə baxılıb. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də bu qanun layihəsi müzakirə olunmuşdur. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlarda Konstitusiyaya edilmiş düzəlişlərə uyğun olaraq “Milli Bank” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz olunur. Hesab edirəm ki, qanunvericiliyin stimullaşdırılması baxımından bu düzəlişlərə səs vermək məqsədəmüvafiqdir.
Sədrlik edən. Çox sağ olun. Arif Rəhimzadə.
A. Rəhimzadə. Çox sağ olun, Oqtay müəllim. Layihədə nəzərdə tutulur ki, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar bir sıra qanunvericilik aktlarına düzəlişlər və əlavələr edilsin. Birinci əlavə “Bələdiyyələrin statusu haqqında” Qanunla əlaqədardır. Buraya iki əlavə nəzərdə tutulur. Həmin qanuna “Bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası” adlanan 23-1-ci maddə əlavə edilir. Komitədə müzakirə və Prezident Administrasiyasında məsləhətləşmə nəticəsində razılıq əldə olundu ki, bu əlavəni biz hələlik müzakirəyə verməyək. Bildiyiniz kimi, bələdiyyələrin hesabatı ilə əlaqədar əsas qanun qəbul olunacaqdır. Bu qanun qəbul olunandan sonra biz müvafiq qanunlarda müəyyən düzəlişlər edəcəyik.
İkinci əlavə də həmin qanunla bağlıdır. Qanuna “Bələdiyyələrin hesabatı” adlanan 50-2-ci maddə əlavə edilir. Burada bələdiyyələrin hansı hallarda Milli Məclisə hesabat verməli olduqları nəzərdə tutulur. Burada deyilir ki, bələdiyyələr “Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə və bu Qanunda müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikası Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə” hesabat verirlər. Maddənin 3-cü hissəsində nəzərdə tutulur ki, bələdiyyələr illik hesabatı növbəti ilin aprel ayının 1-dək təqdim edirlər. Ancaq biz müzakirə zamanı belə qənaətə gəldik ki, bu hesabatlar illik olmasın. Buradan “illik” sözü çıxarılır. Qalan məsələlər olduğu kimi qalır.
Eyni zamanda, “Bələdiyyə qulluğu haqqında” və “Bələdiyyə üzvünün statusu haqqında” qanunlara da düzəlişlər verilir. Bu düzəlişlər də texniki xarakter daşıyır. Bu, “Milli Bank” sözlərinin “Mərkəzi Bank” sözləri ilə əvəzlənməsi ilə əlaqədardır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Digər komitə sədrlərindən əlavə etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Referendumdan irəli gələn dəyişikliklərdir. Əgər etiraz yoxdursa, təklif var məsələyə münasibət bildirək. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi ilə bağlıdır. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamımıza məlumdur ki, hazırda mütəşəkkil cinayətkarlıq, o cümlədən pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məsələləri dünyanın bütün dövlətlərini ciddi narahat edir. Təsadüfi deyil ki, Azərbaycan da qabaqcıl dövlətlər sırasında həmin problemin həllində ən təkmil dünya standartlarının tətbiqi yolunu tutmuşdur və bu məqsədlə beynəlxalq əməkdaşlıq daha da gücləndirilmişdir.
Sizlərin iştirakı ilə 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun parlamentdə geniş müzakirə və qəbul edildi. Sonra cənab Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti də yaradıldı. Bir il, yəni 2009-cu il ərzində Azərbaycan dövləti tərəfindən bu sahədə görülmüş işlər müvafiq beynəlxalq təşkilatlar tərəfindən çox müsbət qiymətləndirildi və Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə ekspert komitəsi 2009-cu ildə ölkəmizə münasibətdə pozitiv ictimai bəyanatla da çıxış etdi.
Hazırda pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində getdikcə daha mürəkkəb metod və texnologiyalardan istifadə edilməsi səbəbindən, təbii ki, bu problemlə mübarizədə tətbiq olunan beynəlxalq hüquqi norma və standartlar daim yeniləşir. Eyni zamanda, bildirmək istəyirəm ki, qısa zaman çərçivəsində yeni yaradılmış qurum, yəni Maliyyə Monitorinqi Xidməti həm Beynəlxalq Valyuta Fondu, həm də MONEYVAL ilə əlaqələrini və əməkdaşlığını davam etdirir. Hazırda bu beynəlxalq qurumlar da qanunvericiliyimizin təkmilləşdirilməsi baxımından yeni təkliflər və tövsiyələr vermişlər.
Nə üçün bu fikri səsləndirdim? Belə bir sual doğa bilər ki, çox qısa zaman çərçivəsində yenidən qanuna qayıdırıq və ona əlavələr və düzəlişlər etmək istəyirik? Həqiqətən də, hazırda bu əməkdaşlığın nəticəsi kimi belə bir zərurət yaranmışdır. Beləliklə, birgə işin nəticəsi kimi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi cənab Prezident tərəfindən təklif olunmuşdur. Bu layihədə Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi təklif olunur.
Layihə sizə paylanıb, çox nəfis şəkildə arayışlar da təqdim olunub. Detalların üzərində dayanmaq istəmirəm. Bir neçə vacib məqamı söyləmək istəyirəm. Əsas düzəlişlər yeni anlayışlarla bağlıdır. “Terrorçuluğun maliyyələşdirilməsi” və “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması” anlayışları BMT konvensiyaları və FATF-ın “49+9 tövsiyələri”nə uyğunlaşdırılır.
Vacib məqamlardan biri yeni yaradılmış Maliyyə Monitorinqi Xidmətinə bütün monitorinq subyektləri üçün məcburi olan qaydalar və tələblərin müəyyən edilməsinin həvalə olunmasıdır. Bu sənədlərin dövlət qeydiyyatına alınması və dərc edilməsi, bununla da onlara bütün monitorinq subyektlərinin müəyyən edilməsinin həvalə olunmasıdır. Qeyd etməliyəm ki, bu sənədlərin dövlət qeydiyyatına alınması və dərc edilməsi, bununla da onların bütün monitorinq subyektlərini əhatə edəcək şəkildə legitimliyinin təmin edilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Sizə paylanmış qanun layihəsində vacib məqamlardan biri də 17.8-ci maddə ilə bağlıdır. “Maliyyə monitorinqi orqanı bu Qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ xarakterli aktlar qəbul edir”. Yəqin, heç kimdə şübhə doğurmur ki, maliyyə monitorinqi orqanının üzərinə düşən vəzifələri yerinə yetirməsindən ötrü qərarlarının normativ xarakterli aktlar səviyyəsində qəbul edilməsi, belə bir statusa malik olması çox vacibdir. Bu baxımdan həm Maliyyə Monitorinqi Xidmətinin, həm də komitə üzvlərinin təklifləri nəzərə alınmış və qanun layihəsində dəyişiklik edilmişdir. Dəyişiklik edilmiş variant tərəfimizdən təklif olunur. Buna görə də həmin müddəanı stenoqram üçün səsləndirmək istəyirəm:
“Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq ona məlumat təqdim olunmalı olan pul vəsaitləri ilə və ya digər əmlakla əməliyyatların siyahısına və limitinə, bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin və bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulan şəxslərin siyahısına, məlumatların maliyyə monitorinqi orqanlarına təqdim edilməsi qaydasına, daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblərə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdim olunma formasına dair normativ xarakterli aktlar qəbul edir”.
Komitənin təqdim etdiyi variantda normativ xarakterli aktların nədən ibarət olması daha dəqiq göstərilib. Bu düzəliş qanunvericilik təşəbbüsü subyekti ilə, cənab Sədr, razılaşdırılmışdır və millət vəkillərindən bunu nəzərə almalarını xahiş edirəm.
Sonda isə qeyd etmək istəyirəm ki, göstərilən qanunlara edilən əhəmiyyətli əlavələr və dəyişikliklər ölkəmizin bu sahədə həyata keçirdiyi islahatlara və mübarizəyə töhfə vermiş olacaq. Beynəlxalq təsisatlar qarşısında isə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirəyə başlayırıq. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Yadınıza gəlirsə, Əli müəllim, bu qanun layihəsi müzakirə olunanda istər komitənin iclasında, istərsə də geniş iclasda bir sıra təklif və iradlar irəli sürülmüşdü. Amma çox təəssüflər olsun ki, onda maliyyə monitorinqi orqanının səlahiyyətləri ilə əlaqədar təkliflərimiz qəbul olunmadı. Biz o vaxt təklif edirdik ki, belə bir orqan çox ciddi bir orqan olduğu üçün ya Azərbaycan hökumətinin tərkibində, ya da birbaşa cənab Prezidentin tabeliyində yaradılsın. Çünki maliyyə monitorinqi orqanı çox ciddi bir orqandır. Amma indi verdiyiniz düzəlişlər faktiki olaraq həmin maliyyə monitorinqi orqanının səlahiyyətlərinin genişləndirilməsinə gətirib çıxarır. Konkret olaraq mən bir neçə faktın üzərində dayanmaq istəyirəm.
Birinci, “Normativ hüquqi aktlar haqqında” Qanuna dəyişiklik edirik. Həmin qanunla biz Mərkəzi Bankın nəzdində yaradılan Maliyyə Monitorinqi Xidmətinə normativ aktlar qəbul etmək səlahiyyəti veririk. Bu, ümumiyyətlə, qaydaya uyğundur. Biz bir mərkəzi orqanın tərkibində olan iki orqana icazə veririk ki, normativ aktlar qəbul etsin. Normativ aktlar dedikdə, bilirsiniz, qərarlar nəzərdə tutulur. Yəni bir orqanın tərkibində iki təşkilat qərar verə bilməz. Bu, hüquqi cəhətdən nə qədər düzgündür? Digər tərəfdən, bayaq qeyd etdiyim kimi, Maliyyə Monitorinqi Xidməti sərbəst bir orqan olsaydı, Mərkəzi Bankın nəzdində yaradılmasaydı, onda buna getmək olardı. Xahiş edirəm, buna aydınlıq gətirilsin.
İkinci məsələ. Biz bu qanunu qəbul edəndə həmin qanunda anlayışları, o cümlədən “leqallaşdırılma” anlayışını vermişdik. İndi “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması” anlayışı çox genişləndirilir. Pul vəsaitlərinin, digər əmlakın konversiyası, köçürülməsi və bu kimi əməliyyatlar burada sadalanır. Əlbəttə, bu çox böyük bir sahədir, bunu bilirsiniz. Birbaşa bank sistemi ilə əlaqədardır, çünki bank sistemi bütün dövlətlərdə olduğu kimi, Azərbaycan dövlətində də pul-kredit siyasətini həyata keçirən bir orqandır. Pul vəsaitlərini, digər əmlakın konversiyası, köçürülməsi kimi əməliyyatları buraya daxil etmək nə qədər həqiqətə uyğundur, nə dərəcədə düzgundür və bu sonra başqa məqamlara gətirib çıxara bilməzmi?
Üçüncü məsələ monitorinq iştirakçıları ilə əlaqədardır. Bu da mübahisəli məsələdir. Qanun qəbul ediləndə yalnız hüquqi şəxslər monitorinq iştirakçıları kimi göstərilmişdi. İndi isə düzəlişlərə əsasən fiziki şəxsləri də monitorinq iştirakçıları sırasına daxil edirik. Fiziki şəxslər həddən artıq çoxdur, minlərlə, on minlərlə insandan söhbət gedir. Bunu əlavə etməklə nələr nəzərdə tutulur? Nəyə görə fiziki şəxslər maliyyə monitorinqi orqanının yoxlama obyektinə çevrilirlər?
4-cü maddə. Ən ciddi mübahisə doğuran məsələ məbləğ məsələsi idi. Yadınıza gəlirsə, məbləğ məsələsini biz onda icra hakimiyyəti orqanının səlahiyyətinə verdik. Dedik ki, bütün dünyada olduğu kimi, ölkədə inflyasiya gedir. Onda biz təklif etdik ki, məbləğ, heç olmasa, 70 mindən 100 minə qədər olsun. Qəbul olunmadı, dediniz ki, icra hakimiyyəti orqanı bunu müəyyən edəcək. Amma indi qanun layihəsində bu məbləğ təxminən 15 min manat göstərilir. 15 min manat da indiki səviyyə üçün olduqca aşağı məbləğdir. Yəni Azərbaycanda olan bütün hüquqi, fiziki şəxslər maliyyə monitorinqi orqanı ilə əlaqədar yoxlama mənbəyinə çevrilir. Bu da çox ciddi məsələdir, buna fikir vermək, aydınlıq gətirmək lazımdır.
Ümumiyyətlə, biz bu qanun layihəsinin qəbul edilməsinə tərəfdarıq. Çünki bu qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə maliyyə monitorinqi orqanının nəzarətini daha da gücləndirəcəkdir. Amma yenə də mən öz fikrimdə qalıram ki, maliyyə monitorinqi orqanı sərbəst bir orqan kimi fəaliyyət göstərməlidir. Yenə deyirəm, yaxşı olar ki, bu orqan birbaşa cənab Prezidentin himayəsi altında olsun, məlumatları Prezidentə versin. Mərkəzi Bankın nəzdində yaradılan orqan pul-kredit siyasətinə cavab verən bütün köçürmələrə məsuliyyət daşıyan bir orqanı yoxlaya bilməyəcəksə, Mərkəzi Bankın nəzdində necə fəaliyyət göstərə bilər? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, yəqin, Əli müəllim Sizin suallarınızı cavablandıracaq. Amma yada salmaq istəyirəm ki, bu məbləğ 10 min idi, biz bunu 15 minə qaldırdıq. Bu məsələni Milli Məclisdə həll etdik.
İkinci, maliyyə monitorinqi orqanının hansı təşkilatların tərkibində və yaxud müstəqil olması məsələsini də müzakirə etdik. Dünyanın bir çox ölkələrində həmin orqan Milli Bankın, Maliyyə Nazirliyinin və yaxud Nazirlər Kabinetinin nəzdində yaradılır. Çox az ölkədə bu orqan sərbəstdir. Biz bunları demişdik, hamısını qeyd etmişdik. Yəqin, Əli müəllim suallara indi cavab verər. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Yəqin ki, dünən Amerika Birləşmiş Ştatları Konqresinin Xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə əlaqədar qərar qəbul olunmasa idi, mən bu gün çıxış etməzdim. Bu sənədlə bağlı iki məqama toxunmaq istəyirəm.
Birinci məqam ondan ibarətdir ki, doğrudan da, Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. Bütün dünyada terrorçuluğa qarşı mübarizə güclənir, Azərbaycan da burada fəal iştirak edir. Həm də Azərbaycan terrorçuluğun qurbanıdır. Azərbaycana qarşı minlərlə bu cür terror hadisəsi törədilib. On minlərlə Azərbaycan vətəndaşı terrorun qurbanı olub. Sonuncu dəfə də Dövlət Neft Akademiyasında baş verən hadisə bilavasitə göstərir ki, bu proseslər bizə doğru sürətlə yaxınlaşmaqdadır. Eyni zamanda, biz görürük ki, təcavüzkar separatizm mənşəli terror artıq ABŞ Konqresinin palatalarından, komitələrindən keçərək üstümüzə gəlir. Ona görə də hesab edirəm ki, keçən iclasda deputat həmkarlarımızdan birinin qaldırdığı məsələ çox aktualdır. Biz işğal olunmuş torpaqlar haqqında qanun qəbul etməliyik. Eyni zamanda, beynəlxalq təşkilatların qarşısında, sadəcə, terrorçuluğun maliyyələşdirilməsi yox, təcavüzkar separatizm mənşəli terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məsələlər qaldırmalıyıq.
Nə təhər olur ki, təcavüzkar separatizm maliyyələşdirilir, ona 8 milyon pul ayrılır, amma Azərbaycan artıq ikinci on ildir ki, terrorçuluqla bağlı böyük əziyyətlərə düçar olur? İnsan tələfatı ilə müşayiət olunan bu proseslər hələ də davam edir. Ona görə də bu məsələni mən xüsusi qabartmaq istəyirəm. Hesab edirəm, Azərbaycan üçün çox vacib məsələdir, təcavüzkar separatizm mənşəli terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi Azərbaycanın qanunvericilik sənədlərində də öz əksini tapmalıdır. Beynəlxalq konvensiyalara, beynəlxalq sənədlərə də bunun salınması istiqamətində, hesab edirəm ki, Azərbaycan səy göstərməlidir.
İkinci, burada müəyyən edilən məbləğ barəsində deyildi. Məbləğ bir qədər artırılıb. Amma bununla əlaqədar cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və əmlakla kölgə iqtisadiyyatının arasında sərhədin qoyulmasını mən çox vacib hesab edirəm. Belə bir sərhəd qoyulmayanda, kölgə iqtisadiyyatının vəsaiti leqallaşdırılaraq, vergiyə cəlb olunaraq büdcənin doldurulmasında, büdcə vasitəsilə əmək haqlarının, pensiyaların artırılmasında istifadə olunmaq əvəzinə daha da gizlədilər, həmin vəsait, yaxud da onun bir hissəsi ölkədən kənara gedər. Əgər rəsmi statistikadan çıxış edərək, kölgə iqtisadiyyatını 13 faizdən hesablasaq, 4,5–5 milyard manatdan söhbət gedir. Yox, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının məlumatlarına əsasən 60 faizdən çıxış etsək, 21 milyard manatlıq vəsaitdən söhbət gedir. Yox, insaflı, normal bir rəqəm götürsək, təxminən 10–12 milyardlıq bir vəsaitdən söhbət gedir. Həmin 10–12 milyardlıq vəsaitin dövriyyəsini leqallaşdırmaqla vergiyə cəlb etmək, büdcə vəsaitini artırmaq yaxşıdır, yoxsa monitorinq qrupları və ya digər qruplar vasitəsilə onu sıxışdırıb qaçırmaq və onun iqtisadiyyata cəlb edilməsinin qarşısını almaq?
Bunu ona görə deyirəm ki, 2009-cu ildə Azərbaycana qoyulan sərmayələr 2008-ci ilə nisbətən 19 faiz artıb. 19 faiz təxminən 1,9 milyard manat vəsait deməkdir. Yəni bu vəsaiti qaçırmasaq, qorxutmasaq, qeyri-neft sektoruna xərclənəcək. Biz bunu bütün dünyada qəbul olunan üsullarla leqallaşdırsaq, həmin vəsaitdən istifadə edəcəyik. Bütün dünya bundan istifadə edir. Azərbaycan kampaniya xarakterli proseslərə qoşulanda, özünə, öz iqtisadiyyatına zərbə vurmadan fəaliyyətini neftdən kənar sahələr üçün əlavə vəsaitin əldə edilməsinə yönəltsə, daha yaxşı olar.
Qanun layihəsində üç qanuna, üç məcəlləyə kifayət qədər sanballı əlavələr, bəzilərində isə redaktə xarakterli dəyişikliklər irəli sürülür. Həmin dəyişiklikləri və əlavələri dəstəkləyirəm. Amma həm təcavüzkar separatizm mənşəli terrorçuluğu, həm kölgə iqtisadiyyatını, həm də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması məsələlərini bir-birindən ayırmaq və bunları qanunvericilikdə nəzərə almaq, bu məsələlərdən birincisini beynəlxalq səviyyəyə qaldırmaq Azərbaycanın maraqlarına cavab verən bir addım olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Qanun layihəsində olan əlavə və dəyişikliklər vacib xarakter daşıyır. Keçən il biz bu qanunu qəbul edəndə də çox geniş müzakirələr oldu və hər bir həmkarımız öz fikirlərini bildirdi. İndi də müəyyən məsələlər haqqında fikirlər bildirilir.
Birinci, hansı qurumun harada yaradılması ilə bağlı fikrimi qeyd etmək istəyirəm. Vaxtilə bir qrup həmkarımız bunun daxili işlər orqanlarının, hüquq mühafizə strukturlarının nəzdində fəaliyyət göstərməsini və yaxud da ayrı-ayrı strukturlarda olmasını nəzərdə tuturdu. Cənab Prezidentin fərmanı ilə məhz Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti yaradıldı. Bu gün də bu qanunvericiliyə əlavə və dəyişikliklər edilir. Bu qurum sırf iqtisadi xarakter daşıyır, yəni qanunsuz yollarla əldə olunmuş pulların terrora, başqa-başqa cinayətlərə yönəldilməsindən irəli gələn məsələləri tənzimləyir. Bəzən bu qurumu hətta keçmişdə olan OBXSS – sosialist mülkiyyəti əleyhinə cinayətlərlə mübarizə aparan şöbələrlə və ya başqa qurumlarla müqayisə də edirlər. Mən hesab eləmirəm ki, bu qurum onlara bənzəyir.
İkinci, bu quruma müraciət olunduqda və yaxud da hər hansı bir fakt aşkar edildikdə həmin qurum araşdırma apara bilər. Yəni qanunvericiliyimizlə həmin quruma onun özünün hansısa fiziki və yaxud hüquqi şəxsin fəaliyyətini araşdırmaq hüququ verilmir. Mən hesab edirəm ki, çox düzgün olaraq bu qurum məhz Mərkəzi Bankın yanında yaradılıb və fəaliyyət göstərir. Digər tərəfdən, Azərbaycanda bu gün çirkli pulların yuyulması və yaxud gizli iqtisadiyyat yoxdur ki, bunlarla da bağlı çox böyük, geniş bir quruma ehtiyac olsun. Hər bir orqanın özünün nəzarət mexanizmi var. Maliyyə Nazirliyi, Mərkəzi Bank, Hesablama Palatası və sair belə halları aşkarlayır, ortaya çıxarır və müvafiq ölçülər götürürlər. Bu cür qurumun yaradılması isə terrorçuluğa qarşı mübarizədə Azərbaycanın öz mövqeyini ortaya qoymasından irəli gəlir. Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin, Azərbaycan Prezidentinin bu mövqeyi həmişə ortadadır. Antiterror əməliyyatlarda iştirak ilə bağlı məsələləri biz bir daha öz qanunvericiliyimizdə və ayrı-ayrı strukturlarda nəzərə alırıq.
Üçüncü, daha bir məsələni qeyd etmək istəyirəm. Bu gün, bəli, çirkli pulların yuyulduğu yerlər var, bunlar nəzarətsiz qalan, işğal altında olan ərazilərdir, Dağlıq Qarabağdır. Biz dəfələrlə fikirlərimizi burada da səsləndirmişik ki, oraya yönəldilən bütün maliyyələr, göstərilən yardımlar məhz həmin çirkli pullardır, burada həmin pullar yuyulur və terrora, separatizm xarakterli əməllərə yönəldilir. Yəqin ki, iclasımızın sonunda bəyanatımızı qəbul edəcəyik. Dağlıq Qarabağa birbaşa Amerika dövlətinin yardım etməsi ilə bağlı Milli Məclisdə də fikirlər səsləndi. Həmin yardımla bilavasitə orada olan hərbi hissələr maliyyələşdirilir. Bax, çirkli pullar bunlardır. Onların yuyulması prosesi bundan ibarətdir. Məhz belə məsələlərin qarşısı alınmalıdır.
Burada bir məsələyə də toxunmaq istəyirəm. Çox düzgün olaraq qanunvericilikdə düzəliş edildi. Əvvəl burada fiziki şəxslər nəzərdə tutulmurdu. Məhz indiki əlavə və düzəlişlərlə fiziki şəxslər də qanuna əlavə olunur. Çünki terrorçuluğun həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi dünya praktikasından bizə məlumdur. Bütün qanunlarda da bu forma mövcuddur və biz də bunu qanuna əlavə edirik. Bəzi hallarda fiziki şəxslərin rolu daha çox olur, nəinki hüquqi şəxslərin. Hüquqi şəxslərə də elə fiziki şəxslər rəhbərlik edirlər. Bu baxımdan da belə bir addımın atılması da təqdirəlayiqdir.
Mənim bir təklifim də var. Bu qanunun 194-cü maddəsinin birinci bəndinə bir əlavəmiz var. Lakin mən istəyirəm, bu maddənin daha da gücləndirilməsi üçün bir addım ataq. Çünki burada göstərilir ki, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitləri və ya digər əmlak əldə etmə, onlara sərəncam vermə min manatdan üç min manata qədər cərimə olunmaqla və ya üç ilədək müddətə azadlıqdan məhrum edilməklə cəzalandırılır. Əgər bir şəxs belə bir cinayətin törədilməsinə göz yumursa, bunun üçün şərait yaradırsa və həmin maliyyə gələcəkdə hər hansı bir terror aktının törədilməsinə və insanların kütləvi şəkildə qırılmasına səbəb olursa, o halda cinayət məsuliyyəti çox aşağı göstərilib. Mən Əli müəllimdən xahiş edərdim ki, bu məsələyə baxsınlar. Bunu daha da şiddətləndirsinlər ki, həmin insanlar bu əməldən çəkinsinlər. Əgər onlar belə işə göz yumacaqlarsa, belə bir addım atacaqlarsa, onlar çox ciddi şəkildə cəzalandırıla və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Qanun layihəsinə, hesab edirəm, səs verib, qəbul edə bilərik. Bu, Azərbaycan dövlətinin, qeyd etdiyim kimi, terrorçuluğa qarşı mübarizəsinin bariz nümunəsidir. Bu qanun Azərbaycan ərazisində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətlərin qarşısının alınmasına xidmət edəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli deputat həmkarlarım, mən də diqqətinizi bir məsələyə cəlb etmək istəyərdim. Artıq son illər müşahidə edirik ki, Azərbaycan qanunvericiliyində harmonizasiya prosesləri gedir. Bizim qanunvericiliyin Avropa və dünya qanunvericiliyi ilə harmonizasiyası prosesləri gedir. Mən hesab edirəm, bu ancaq və ancaq dəstəklənməlidir və onu göstərir ki, bizim qanunvericilik irəli gedir.
Qeyd etmək istərdim ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi onu sübut edir ki, FATF-ın və MONEYVAL-ın tələbləri çox vacib və güclü tələblərdir. Bu tələblər improvizasiyaya heç imkan vermir. Bunların qəbul edilməsi bizim qanunvericilik və gələcək fəaliyyətimiz üçün də çox vacibdir.
Həmkarlarım burada bəzi məsələlərə toxunurlar. Artıq 17 ildir, Azərbaycanda müstəqil bank sistemi yaradılıb və fəaliyyət göstərir. İlk gündən Mərkəzi Bankın daxilində monitorinq xidməti göstərən bir struktur fəaliyyət göstərir. Ümumiyyətlə, hər bir bank hər zaman monitorinqi həyata keçirir. Bu fəaliyyət, inanın mənə ki, tam şəffaflıqla yaradılmışdır və biz bunu müşahidə etmişik. Ona görə də mən hesab edirəm ki, keçən il verilmiş fərman çox düzgün fərman idi. Bu təcrübə nəzərə alınaraq Mərkəzi Bankın yanında belə bir qurum yaradılmışdır. Onun fəaliyyətinin şəffaflığını biz müşahidə edirik.
Eyni zamanda, mən bəzi məsələlərə də toxunmaq istəmirəm. Hesab edirəm ki, bu qurumun fəaliyyəti 17 il ərzində heç kəsin, həm fiziki, həm də hüquqi şəxslərin narahatlığına səbəb olmamışdır və biz özümüz burada narahatlıq yaratmasaq, elə də gedəcək. Yəni həmin qurum hər gün fəaliyyət göstərir. Diqqətinizə görə çox sağ olun. Xahiş edərdim ki, biz bu məsələyə dair fikirlərimizi də bildirək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Qəbul etdiyimiz qərarın siyasi əhəmiyyəti kifayət qədər güclüdür. Adından da göründüyü kimi, biz yeni bir qanun qəbul etmirik, artıq cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına dair qanunlara əlavələr edirik. Deməli, Azərbaycan bu sahədə gördüyü işi daha da gücləndirmək əzmində olduğuna dair dövlət siyasətini ortaya qoyur. Onsuz da bu sahədə olan qanunlar göstərilən istiqamətdə işlər aparmağa və uğurlu nəticələr əldə etməyə imkan verir. Hazırda nə Azərbaycanın daxilindəki, nə də beynəlxalq təşkilatlar Azərbaycana bu sahədə hər hansı bir irad tuta bilməzlər.
Azərbaycan şəffaf bir iqtisadiyyat, demokratik hökumət qurmaq əzmindədir və bu istiqamətdə işləri də göz qabağındadır. Məqsəd bu işləri daha da təkmilləşdirməkdən ibarətdir. Çünki iqtisadiyyatda yeniliklər olur, eyni zamanda, çirkli pulların leqallaşdırılması üçün çalışan qüvvələr daha yeni, incə metodlar axtarmağa çalışırlar. Deməli, bunların qarşısını almaq üçün bir qanuni mexanizm olmalıdır. Bir qayda olaraq, üçüncü dünya ölkələrində və yaxud inkişaf etməkdə olan ölkələrdə çirkli pulları leqallaşdırmağa maraq həddən artıq böyükdür. Hesab edirəm ki, bu dəyişikliklərlə, etdiyimiz yeni əlavələrlə biz bunların qarşısını almaq əzmində olduğumuzu və Azərbaycanı həmin ölkələr sırasında görmək istəmədiyimizi bir daha ortaya qoyuruq.
Maraqlı cəhət yeni yaratdığımız Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin səlahiyyətlərinin dəqiqləşdirilməsinə və onun güclü bir dövlət institutuna çevrilməsinə dair edilən təkliflərdir. Eyni zamanda, hazırda istifadədə olan qanunlara edilən dəyişikliklər də bu istiqamətdə işimizi daha effektli görməyə imkan verəcəkdir. Dəyişikliklərin hamısını məqbul hesab edirəm. Hesab edirəm ki, bu dəyişiklikləri etməklə qarşımıza qoyduğumuz məqsədə çata biləcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər başqa çıxış edən yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Bu, ikinci oxunuşdur. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, biz ətraflı müzakirə edərək Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsini birinci oxunuşda qəbul etmişik. Birinci oxunuşda millət vəkilləri konseptual baxımdan belə bir qanunun zəruri olduğunu vurğuladılar. Eyni zamanda, bir sıra təkliflər oldu. Qısa zaman çərçivəsində işçi qrupu tərəfindən millət vəkillərinin təklifləri çox ciddi öyrənilmişdir. Sözsüz ki, demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu xüsusidir, müstəsnadır. Hakimiyyətin bir qolu kimi məhkəmə hakimiyyətinin fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş çərçivədə ictimaiyyət və cəmiyyət üçün açıq olmalıdır.
Sözsüz ki, “İnformasiya əldə etmək haqqında” Qanun bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanının ictimaiyyətlə, mətbuatla münasibətlərini tənzimləyir. Amma məhkəmələrin fəaliyyətinin xüsusiyyətindən, ən başlıcası, Konstitusiyaya etdiyimiz əlavələr və dəyişikliklərin mahiyyətindən irəli gələrək, Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə xüsusi bir qanun da qəbul edirik. Məlumat üçün demək istəyirəm ki, bizim həyata keçirdiyimiz məhkəmə-hüquq islahatlarının tətbiqi nəticəsində bu gün də artıq məhkəmə hakimiyyəti orqanının qərarlarını, o cümlədən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarını internet saytında görmək mümkündür. Bilirsiniz ki, referendumda da biz bu əlavə və dəyişiklikləri Konstitusiyamıza etmişdik.
Cənab Sədr, məlumat üçün demək istəyirəm ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin hakimləri, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının vasitəçiliyi ilə hakim korpusundan nümayəndələr və Ədliyyə Nazirliyinin müvafiq departament rəhbərləri işçi qrupuna daxil olmuş, öz təkliflərini təqdim etmişlər. Komitədə həmin təkliflər diqqətlə öyrənilmiş və nəzərə alınmışdır. Məhkəmə-Hüquq Şurasının təklifləri də hazırda öyrənilmək mərhələsindədir. Təbii ki, indiki mərhələdə, ikinci oxunuşda artıq müzakirəyə yazılmış millət vəkillərinin də layihə ilə bağlı söyləyəcəkləri təkliflər, iradlar bizim üçün əhəmiyyətli olacaq. Hesab edirəm ki, üçüncü oxunuşa biz mükəmməl bir layihə təqdim edəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qanun layihəsinin ikinci oxunuşudur. Ona görə xahiş edirəm, əsas kimi qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İndi müzakirələrə keçirik. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ötən dəfə də məsələ ilə bağlı çıxış edərkən bu qanun layihəsinin olduqca əhəmiyyətli olduğunu, ümumiyyətlə, məhkəmə sisteminin şəffaflığına, demokratikləşməsinə təkan verəcəyi düşüncəsində olduğumu ifadə etmişdim və buna yanaşmam da müsbətdir. Burada hörmətli Əli müəllim də qeyd elədi, ikinci oxunuş olduğuna görə müəyyən təkliflərin səslənməsi vacibdir ki, daha dəqiq, cilalanmış qanun ortaya çıxsın. Ümumiyyətlə, mən qanunun adı ilə bağlı fikrimi bildirmək istəyirəm. Məncə, bu, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” yox, qanunun məzmununa görə “Məhkəmələrin və onlarla əlaqəli olan digər qurumların fəaliyyəti haqqında informasiya əldə etmək barədə” olmalıdır. Çünki burada, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının qərarları, müxtəlif aktlar, habelə başqa məsələlər barədə müvafiq icra orqanının qəbul elədiyi aktlar, sərəncamlar və digər məsələlər nəzərdə tutulur və onların heç biri məhkəmə orqanı kateqoriyasına daxil olmur. Təbii ki, Məhkəmə-Hüquq Şurası məhkəmə ilə sırf əlaqəlidir, amma məhkəmə orqanı deyil. Əgər bu məsələlər başqa qurumları da əhatə edirsə, qanun dəqiqləşdirilməlidir. Məncə, layihənin adında “məhkəmə ilə əlaqəli olan orqanlar” sözünün işlənilməsi məqsədəuyğundur.
İkincisi, mən hesab edirəm ki, “Əsas anlayışlar”da, ümumiyyətlə, qanunun dilində bəzi problemlər var. Problemlər nədən ibarətdir? Məsələn, 1.0.1-ci maddəyə diqqət eləsəniz, görərsiniz. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın açılışı verilir: “məhkəmələr, Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan və həmin orqanlara daxil olan məhkəmələrin fəaliyyətinə aid informasiya”. Hansı orqana daxil olan məhkəmədən söhbət gedir? Məhkəmə müstəqil orqandır. Hansısa müvafiq icra orqanına daxil olan məhkəmə nə deməkdir? Açığı, mənim üçün bir qədər anlaşılmazdır. Ona görə bu məsələlərin daha aydın ifadə olunması qanunun anlaşılması baxımından vacibdir.
Bu cür məsələlər 10.0.5-ci maddədə də özünü göstərir: “məhkəmə, Məhkəmə-Hüquq Şurasının və müvafiq icra hakimiyyəti orqanının maliyyələşdirilməsi zamanı məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsinin təmin olunması ilə bağlı xərclərin nəzərə alınması”. Açığı, anlaşılmır. Şəxsən mən bir az çətinlik çəkirəm. Məhkəmə ilə bağlayırıqsa, məhkəmənin maliyyələşməsindən söhbət gedirsə, bu başqa məsələdir. Məhkəmə-Hüquq Şurasının və müvafiq icra orqanının maliyyələşməsini bura qatmağın düzgün olmadığını önə sürürəm. 15.02.8-ci maddədə verilir: “təltif olunmuş, mükafatlandırılmış, intizam və ya cinayət məsuliyyətinə cəlb olunmuş, səlahiyyətlərinə xitam verilmiş hakimlər barədə məlumat”. Məhkəmə-Hüquq Şurasının internet saytında bunların yerləşdirilməsi, ümumiyyətlə, məhkəmələrlə bağlı qərarda və qanun layihəsində nəzərdə tutulması müsbət haldır.
Amma maraqlı bir məsələ var. Birinci instansiya hakimləri, bildiyimiz kimi, Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə cənab Prezident tərəfindən təyin olunurlar. Onların vəzifədən alınması da eyni prosedurla həyata keçirilir. Amma maraqlı cəhət odur ki, əslində, ən böyük ağırlıq birinci instansiya məhkəməsinin üzərinə düşür. İşə mahiyyət üzrə baxdıqlarına görə bu məhkəmənin hakimlərinin təyin olunması birinci şəxsin, yəni ali icra orqanının birinci səlahiyyətli şəxsinin nomenklaturasında olduğu halda, vəzifədən çıxarılması adi prosedur məsələ kimi həll olunur. Təklif edərdim ki, bu konstitusion səlahiyyət Məhkəmə-Hüquq Şurasına verilibsə, hakim ölkədə ən nüfuzlu şəxs sayılmalıdır. Biz bəzən hakimi olduqca adiləşdiririk. Bəzən bütün günahları onun üzərinə yıxırıq. O, cənab Prezident tərəfindən təyin olunursa, işdən çıxarılanda xitam haqqında qərarın əsaslandırılması da mütləq bu saytda yerləşdirilməlidir. Məncə, bu məsələ layihədə əks olunsa, yaxşı olar. Bilək ki, hansı hakim hansı motivlərlə işdən çıxarılır. Biz mətbuatdan məlumat alırıq ki, Məhkəmə-Hüquq Şurasının qərarı ilə filan rayonun birinci instansiya hakimi işdən çıxarılıb. Niyə çıxarılıb? Hansı səbəbdən çıxarılıb?
Hakim ölkədə ədalətin əsas müəyyənləşdiricisi, insan taleyini həll edən ən sonuncu instansiyadır. Çünki məhz kimin həbsdə yatacağını, kimin azadlıqda olacağını, mülki hüququnun qorunacağını, yaxud qorunmayacağını o müəyyən edir. Ona görə də, məncə, vətəndaşın, həm də maraqlı şəxslərin bu qərarın hansı motivlərlə, hansı işlərlə bağlı verildiyini bilməsi baxımından vacibdir. Düzdür, bu məsələlər əmək qanunvericiliyi ilə tənzimlənmir. Hakimlərin özlərinə bəraət qazandırması, hüquqlarının müəyyən dərəcədə qorunması istiqamətində addımlar atması üçün də müəyyən köməklik göstərə bilər. Ümumiyyətlə, bu qanunu müsbət bir hadisə hesab edirəm və düşünürəm ki, müəyyən nöqsanlar, müəyyən dəqiqləşdirmələr yerində olsa, məncə, bu qanunun ictimai-siyasi həyatımızda, hüquq fəaliyyətində böyük rolu olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Sağ olun, cənab Sədr. Hesab edirəm ki, qanunun müsbət tərəfindən danışmağa bəlkə də ehtiyac yoxdur. Əsas diqqət onun təkmilləşdirilməsinə yönəlməlidir. Buna görə də bir neçə arzumu bildirmək istəyirəm. Söhbət ikinci maddədən gedir. Özü də bu məsələni həmişə biz qeyd edirdik, amma bəzən nəzərə alınmır. Yəni qanunvericilik aktları hüquqi qüvvəsinə görə sadalanmalıdır, Konstitusiyadan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, sonra isə digər aktlar göstərilməlidir.
İkincisi, 7-ci maddədə məhkəmələrin fəaliyyəti haqqında informasiya istifadəçilərinin hüquqlarından söhbət gedir. Hesab edirəm ki, maddələrin birində onların vəzifələrindən də söhbət getməlidir. Çünki vəzifəsiz hüquq, hüquqsuz isə vəzifə yoxdur. Bunları bir-birindən ayırmaq lazım deyil. Burada mütləq istifadəçinin vəzifələri də göstərilməlidir.
Sonrakı iradım 16.3-cü maddə ilə bağlıdır. Burada çox böyük ziddiyyət var. Bu ziddiyyət aradan qaldırılmalıdır. Bir tərəfdən söhbət gedir ki, məhkəmə aktlarının mətnləri yerləşdirilərkən və ya dərc edilərkən işdə iştirak edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hakim, prokuror və vəkilin adı, soyadı və atasının adı istisna olmaqla, onların şəxsiyyətinə dair fərdi məlumatlar mətndən çıxarılmalıdır. Fikir verin, onların şəxsiyyətinə dair fərdi məlumatlar, sonra adı, soyadı, atasının adı, yaşadığı yer həmin aktın mətnindən çıxarılır. Bir tərəfdən deyir ki, bu istisna olmaqla, sonra isə deyir, çıxarılır. Bu ziddiyyət aradan qaldırılmalıdır.
16.5-ci maddədə göstərilir ki, aşağıdakı məhkəmə aktları mətnlərinin internetdə yerləşdirilməsinə və dərc edilməsinə yol verilmir. Bizim Konstitusiyamızın 32-ci maddəsi var. Habelə bu layihənin 3.0.5-ci maddəsində də prinsiplərdən söhbət gedir. Ona görə biz buraya şəxslərin şəxsi və ailə həyatının sirləri ilə bağlı cinayətləri də əlavə eləməliyik. Bu cinayətlər müxtəlif ola bilər, ölüm cinayəti, dələduzluq, oğurluq da ola bilər. Bu barədə məlumat da internetdə yerləşdirilməməlidir. Bu bənd bura salınmalıdır.
Daha sonra, 17.1.2-ci maddədə yazılır: “məhkəmə baxışına təyin olunmuş işlərin vaxtı, yeri və mübahisələrin predmeti haqqında məlumat”. Burada redaksiya dəyişikliyi olmalıdır. “İşin vaxtı” yox, “məhkəmə baxışına işlərin təyin olunması vaxtı”. Bu, redaktə olunmalıdır və belə getməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Məndən əvvəl çıxış edən həmkarlarımın da qeyd elədiyi kimi, Azərbaycan Respublikasının qanunvericiliyi üçün bu qanunun əhəmiyyətindən danışmaq artıqdır. Çünki bu çox mühüm bir qanundur və istənilən hüquq sisteminin belə bir qanuna malik olması cəmiyyətdəki demokratiyadan və dövlət orqanlarının, konkret halda isə məhkəmənin fəaliyyətində aşkarlığın təmin olunması ilə bağlı dövlət siyasətindən xəbər verir.
Bu layihə həm də ona görə aktualdır ki, hələ keçən il Azərbaycan Respublikasının Konstitusiyasına referendumda olunan dəyişikliklərlə əlaqədar məhkəmələrin qərarlarının dərc edilməsi ilə bağlı əlavələrdən sonra belə bir qanunun qəbul olunması özü bir hüquqi zərurətdir. Bu layihə bizim komitədə geniş müzakirə olunub. Mən öz təkliflərimi də komitənin sədri hörmətli Əli müəllimə təklif eləmişəm. Mənim təkliflərim yalnız bu layihənin daha da təkmilləşdirilməsi ilə və qanunvericilik yaradıcılığı ilə bağlı olan təkliflərdir.
Birincisi, mənim təklifim 2-ci maddə ilə bağlıdır. Maddənin adı belədir: “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikasının qanunvericiliyi”. Burada ictimai münasibətləri tənzimləyən qanunvericilik aktları içərisində “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun olmasının əleyhinəyəm. Bu, mənim şəxsi fikrimdir. Çünki “İnformasiya əldə etmək haqqında” Qanun ümumi xarakterli bir qanundur. İndi isə ictimai münasibətləri tənzimləyən yeni, xüsusi bir qanun qəbul olunur. Bu, Məhkəmələrin fəaliyyəti ilə bağlı informasiya əldə etmək haqqında qanun olacaq. Hüquqşünaslar yaxşı bilir ki, eyni ictimai münasibətləri tənzimləyən həm ümumi, həm də xüsusi qanun varsa, gələcəkdə həmin qanunların və onların ayrı-ayrı müddəaları arasında kolliziya mövcud olarsa, xüsusi qanun tətbiq olunacaq. Bu baxımdan mən ümumi qanunun bura salınmasının əleyhinəyəm.
“İnformasiya əldə etmək haqqında” Qanunun tənzimlədiyi ictimai münasibətlərin dairəsi çox genişdir. Nəzərə alsaq ki, məhkəmə hakimiyyəti, ümumiyyətlə, dövlət hakimiyyətinin spesifik bir qoludur, çox xüsusi bir istiqamətidir, onda mən düşünürəm ki, bu sahədəki ictimai münasibətləri yalnız bu cür qəbul edəcəyimiz qanunla tənzimləmək lazımdır. Şəxsi və ailə həyatının sirləri ilə, açıqlanması məqsədəuyğun olmayan vərdişlərlə, övladlığa götürməklə, ümumiyyətlə, qanunla müəyyən olunmuş qaydada məhkəmənin qapalı şəkildə baxdığı məsələlərlə bağlı olan hallarda informasiyanın verilməsini, məncə, məhdudlaşdırmaq lazımdır. Amma “İnformasiya əldə etmək haqqında” Qanun bu gün respublikanın qanunvericiliyində çox demokratik bir qanundur. Mən düşünürəm ki, məhkəmə hakimiyyəti kimi, hakimiyyətin spesifik qoluna bu qanunun tətbiq olunması və onun müddəaları ilə tənzimlənməsi düzgün olmazdı.
Mənim ikinci təklifim layihənin IV fəsli ilə bağlıdır. Ümumiyyətlə, mən IV fəslin bu layihədən çıxarılmasının tərəfdarıyam. Həmin fəslin adına baxaq: “Məhkəmələrin, Məhkəmə-Hüquq Şurasının və müvafiq icra hakimiyyəti orqanının kütləvi informasiya vasitələrinin redaksiyaları ilə qarşılıqlı əlaqəsi”. Doğrusu, başa düşə bilmirəm, bu fəsil nəyə görə lazımdır? Ona görə lazım deyil ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunumuz var. Həmin qanunun 8-ci maddəsinə görə dövlət orqanları və vəzifəli şəxslər onlara verilən sorğular əsasında və mətbuat konfransları vasitəsilə ictimaiyyəti məlumatlandırmağa borcludurlar. Həmin maddəyə görə bu onların üzərinə vəzifə olaraq qoyulur.
Bundan başqa, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 12.0.25-ci maddəsinə görə məhkəmə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək labüddür. Düşünürəm ki, əgər bunlar varsa, ictimai münasibətləri yenidən başqa bir qanunla tənzimləməyə cəhd etmək yersizdir. Bu mənim şəxsi fikrimdir.
Layihədə elə maddələr var ki, ümumiyyətlə, onlar həddən artıq detallaşdırılıb. Bu xüsusiyyət qanuna yox, qanun qüvvəli normativ aktlar üçün səciyyəvidir. Burada 11.2-ci, 13.1.3-cü, 13.1.4-cü, 13.1.3.6-cı və digər maddələri misal çəkmək olar. Onlar həddən artıq detallaşdırılmış maddələrdir. Qanunda müddəanın ümumi xarakterdə olması və münasibətlərin konkret olaraq tənzimlənməsi daha vacibdir. Amma bu detallaşdırma, qeyd elədiyim kimi, normativ hüquqi aktlar üçün daha vacib olan xüsusiyyətdir. Bu iradlar heç də belə bir qanun layihəsinin qəbul olunmasını və onun Azərbaycan Respublikasının qanunvericiliyi üçün zəruriliyini azaltmır. Ona görə də bu layihənin qəbul olunmasına səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun. Cənab Sədr, hörmətli Məclis! Mən də Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsinin bu gün ikinci oxunuşda müzakirəyə çıxarılmasını yüksək qiymətləndirirəm. Qabaqcadan bildirirəm ki, mən bu qanuna səs verəcəyəm. Yəqin ki, məndən əvvəl çıxış edən natiqlərin də fikirləri bundan ibarət oldu.
Həqiqətən də, son illərdə dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, insanların onları maraqlandıran və mühüm ictimai əhəmiyyət kəsb edən informasiyaları rahat, heç bir çətinlik çəkmədən vaxtında ala bilməsi, nəhayət, müasir həyatımızın ayrılmaz hissəsinə çevrilən internet vasitəsilə bu məlumatların əldə olunması ciddi məsələ kimi ortaya qoyulmuşdur. Çünki müasir yanaşma informasiyaların hər bir insan üçün əlçatmazlığını təmin etməklə yanaşı, bu informasiyaların onlara çatdırılmasını dövlət orqanlarının və digər müvafiq orqanların üzərinə bir vəzifə kimi qoyur. Yəni insanların qəbullarda qalması, vəzifəli şəxslə ünsiyyətdə bu informasiyanı alması, çoxsaylı müraciətlər etməsi həm zaman itkisinə səbəb olur, həm də bu informasiyaların vaxtında əldə olunmasında çətinlik yaradır. Bu isə müəyyən şübhələr doğurur. Ona görə də ən uğurlu yol həmin informasiyaların ötürülməsinin təkmilləşdirilməsi və insanların informasiyanı istədiyi vaxtda əldə etməsinin qanunvericilik bazasının təmin edilməsindən ibarətdir.
Mən hesab edirəm ki, bu baxımdan müzakirə olunan qanun layihəsi olduqca aktualdır. Layihə məhkəmə sistemində informasiyaların əldə edilməsi ilə əlaqədar boşluqların tamamilə aradan qaldırılmasına şərait yaradacaqdır. Sözsüz ki, son illərdə bu istiqamətdə görülən işləri qeyd etməmək olmaz. Mən bu sırada iki il əvvəl qəbul etdiyimiz “İnformasiya əldə etmək haqqında” Qanunu, bu günlərdə müzakirəsini keçirdiyimiz Fərdi məlumatlar haqqında qanun layihəsini qeyd edə bilərəm. Düzdür, onlar ümumi şəkildə informasiyaların insanlara, cəmiyyət üzvlərinə satılmasına təminat verir. Amma məhkəmə qərarlarının bu və ya digər maraqlı tərəflərə olduğu kimi çatdırılması bizim bu gün müzakirə etdiyimiz qanun layihəsinin predmetidir. Bu qanun layihəsi, mənə elə gəlir ki, cəmiyyət tərəfindən olduqca yaxşı qarşılanacaqdır. Ola bilər ki, bəzi məhkəmə orqanlarında həmin informasiyaların verilməsi ilə əlaqədar qanunun qəbul edilməsi daha böyük maraq doğurur.
Amma bizim bəzi qurumlarda, bəzi məhkəmə orqanlarında, ümumiyyətlə, informasiyanın verilməsinə, informasiyanın ictimailəşdirilməsinə, informasiya auditoriyasının genişləndirilməsinə o qədər də maraq yoxdur. Bu baxımdan mənə elə gəlir ki, bu qanunun qəbul edilməsi tamamilə məqsədəuyğundur. Lakin məndən əvvəl də deyildiyi kimi, qanunun üstünlükləri və qəbul edilməsinin zəruriliyi ilə əlaqədar fikirləri deməyə ehtiyac yoxdur. Çünki bu labüddür, əsaslandırmağa ehtiyac yoxdur.
Cənab Sədr, mən də bir neçə arzu və istəyimi Sizin və hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istərdim. Əsasən, 21-ci maddə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Həmin maddədə məhkəmələrin fəaliyyəti haqqında informasiyanın təqdim edilməsini istisna edən hallar göstərilir. Burada təqribən səkkiz hal nəzərdə tutulur. Məni narahat edən məsələ odur ki, bu hallar bəzən möhtəkirliyə, yaxud həmin müddəanı əsas tutaraq, bu və ya digər məhkəmələrdə informasiyaların gizlədilməsinə, yubadılmasına səbəb ola bilər. Mən hesab edirəm ki, informasiyaların verilməsindən imtina etmək üçün hüquqi fakt kimi bundan istifadə oluna bilər.
Mən burada iki halı xüsusi qeyd etmək istəyirəm. 21.1.5-ci maddədə sorğu edilən informasiyanın məhkəmənin qərəzsizliyinə, digər şəxslərin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna, işgüzar nüfuzuna, məhkəmə prosesi iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirməsi qeyd olunur. Mənə elə gəlir ki, bu müddəa informasiyaların verilməsindən imtina edilməsini bir az ümumiləşdirir. Bəlkə də bu konkret olsa, daha yaxşı olardı. 21.1.6-cı maddəyə görə sorğu edilən informasiyanın verilməsi məhkəmə prosesi iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün maneələr yaradarsa, ondan imtina oluna bilər. Ümumiyyətlə, məhkəmə bunu necə müəyyən edəcək? Bu digər informasiyaların alınmasına əngəl olmayacaq ki? Bu özü də sual doğurur. Mən hesab edirəm ki, bu məsələlərə Əli müəllim ciddi baxmalıdır. Ola bilər ki, bu çıxış edənlərin şəxsi fikridir. Üçüncü oxunuşda bu barədə hörmətli komitə sədri Əli müəllim öz münasibətini bildirər. Diqqətinizə görə çox sağ olun. Mən də bu qanuna səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan qanun layihəsi dövlət idarəçiliyinin şəffaflığına, demokratik dəyərlərin təntənəsinə, idarəetmənin inkişafına, eyni zamanda, cəmiyyətdə hüquqi düşüncənin möhkəmlənməsinə xidmət edəcəkdir. Bu qanun layihəsi imkan verir ki, dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər onlara lazım olan məlumatları əldə etsinlər və onlardan istifadə etsinlər. Mən hesab edirəm ki, informasiya istifadəçilərinin bu informasiyadan istifadə etməklə yanaşı, məsuliyyət məsələsi də qanun layihəsində öz əksini tapmalıdır. Düşünürəm ki, məhkəmə işləri ilə bağlı məlumatlar cəmiyyətdə həmişə maraq doğurur. Digər tərəfdən, ayrı-ayrı şəxslər onların haqqında informasiyaların yayılmasını narazılıqla qarşılayırlar. Adamlar xoşlamırlar ki, onlara aid olan və məhkəmələr tərəfindən təqdim edilən informasiyalar hər hansı formada yayılsın, işlənsin. Mübahisə doğuran işlər çox olur və onların haqqında yayılan informasiya etiraza, yeni mübahisələrə səbəb olur. Əgər bu informasiya sirr deyilsə, yayıla bilərsə, onu əldə etməyə və istifadə etməyə görə heç bir məsuliyyət olmamalıdır. Belə informasiyanın yayılmasına etiraz edən şəxslər qarşısında informasiya istifadəçisinin məsuliyyəti istisna edilməlidir. Ona görə təklif edirəm ki, qanun layihəsinin 7-ci maddəsinə aşağıdakı məzmunda əlavə edilsin: “Bu qanunla müəyyən edilən qaydada əldə edilən məhkəmə fəaliyyəti haqqında informasiyadan istifadə edilməsinə görə informasiya istifadəçiləri heç bir məsuliyyət daşımırlar”. Bu qanun layihəsinə mən də səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid edən yoxdur ki? Siyavuş Novruzov təkid edir ki, davam edək. Buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu çox vacib qanundur. Həm konseptual baxımdan, həm də ümumilikdə gələcəkdə məhkəmə fəaliyyəti haqqında vətəndaşlarımızın informasiya əldə etməsinə geniş şərait yaradacaqdır. Lakin bir neçə məsələyə mən də toxunmaq istəyirəm.
Birinci növbədə hörmətli həmkarım Rafael müəllimin qeyd etdiyi məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, “İnformasiya əldə etmək haqqında” Qanunla məhkəmədən informasiya əldə etməyi eyniləşdirmək olmaz. Ümumiyyətlə, “İnformasiya əldə etmək haqqında” Qanunu biz o vaxt qəbul etdik. Lakin gündəlik həyatda həddindən artıq sui-istifadə hallarına rast gəlirik. Hər kəs bunu əlində rəhbər tutur, istənilən şəxsin qarşısını kəsir və qeyd edir ki, mənim informasiya əldə etmək hüququm var. Kimliyindən asılı olmayaraq, onu məcbur edir ki, informasiya verməlisən. Təbii ki, məhdudlaşdırıcı hallar da var. Lakin buna əhəmiyyət vermədən bu cür addımları atırlar. Mən hesab edirəm ki, həmin qanunun özünə biz yenidən baxıb əlavə və düzəlişlər etməliyik.
İkincisi, qanunun adı ilə bağlı mənim təklifim var. Oqtay müəllim, “məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” yazılıb. Mən hesab edirəm, biz əlavə etməliyik: “informasiya əldə etmək hüququ barədə”. Çünki bu, hüquqdur və biz bu hüququ veririk. Orada vəzifələr göstərilibsə, bunun hüququ da olmalıdır. Ona görə bu hüququ veririksə, burada qanunun adında bu məsələ əksini tapmalıdır. Gələcəkdə İnformasiya əldə etmək hüququ haqqında qanuna da düzəliş və əlavələr edə bilərik. Anlayışlar hissəsində bəzi terminlərin də dəyişikliyə ehtiyacı var. Məsələn, “informasiya sorğusu” anlayışı. Mən hesab edirəm ki, burada “informasiya əldə etmək sorğusu”, yaxud “məlumat əldə etmək sorğusu” ola bilər. “İnformasiya sorğusu” elə “informasiya almaq”la eynidir. Ona görə də mən hesab edirəm, bu dəyişikliyə ehtiyac var.
Bir məsələyə də toxunmaq istəyirəm. 3.3-cü maddədə qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmələrin fəaliyyəti haqqında informasiyanın pulsuz verilməsi nəzərdə tutulur. Əslində, burada hər bir informasiyanın məhkəmə tərəfindən pulsuz verilməsi göstərilir. Mən hesab edirəm ki, bu vacib olan amillərdən biridir. Ümumiyyətlə, informasiya pulsuz verilməlidir. Bir də mən informasiyanın şifahi halda verilməsinin əleyhinəyəm. Burada göstərilir ki, hansı hallarda informasiya yazılı şəkildə, internet vasitəsilə, yaxud şifahi şəkildə verilə bilər. Sonra kim bunu sübut edə biləcək ki, bu şəxs informasiyanı şifahi şəkildə verib? Bunun hər hansı bir yazısı yox, imzası yox və sair. Üçüncü oxunuşda bu məsələni nəzərə almalıyıq.
Mən hesab edirəm, gələcəkdə digər qanunlardan da “açıq məhkəmələr” anlayışını çıxarmaq lazımdır. Stalinizm dövründə açıq məhkəmələr vardı. Kiməsə “xalq düşməni” damğası vururdular. Gəlirdirlər, kolxozlarda, sovxozlarda insanları zala, ya bir stadiona yığırdılar, məhkəmə keçirməyə başlayırdılar. Bütün insanlara göstərirdilər ki, bu, xalq düşmənidir. Tutalım, indi ən sadə məhkəmə prosesini götürürəm, heç ağır cinayətləri nəzərdə tutmuram. Məsələn, boşanma haqqında bir işə baxılır. Açıq məhkəmə keçirməyə hüququ var. Hakim Allahından döndü, açıq şəkildə bir kənddə boşanma haqqında müzakirə aparır. Bu işi açıq məhkəmə şəklində həyata keçirir. Bəs vətəndaşın toxunulmaz hüququ, şəxsi həyatı ilə bağlı informasiya verməmək hüququ harada qaldı? Ona görə də mən hesab edirəm ki, bu açıq məhkəmə prosesini, ümumiyyətlə, hüquq sistemindən, məhkəmə sistemindən çıxarmalıyıq və bundan istifadə etməməliyik.
Mən indi Amerikadan bir misal da gətirə bilərəm ki, orada məhkəmə salonunda şəkil çəkmək, video çəkilişi qadağan olunur. Məhkum olunan şəxsin, iclası aparanların, hakimin, vəkillərin şəkli yalnız karandaş vasitəsilə çəkilir və təqdim olunur. Belə olan halda biz bu gün açıq məhkəmələr sistemini hələ də öz hüquq sistemimizdə qoruyub saxlayırıq və davam etdiririk.
21-ci maddə ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Hörmətli Xanhüseyn müəllim burada yerində olan bir məsələni qeyd etdi. Məhkəmənin gedişatı haqqında informasiya verməmək məsələsinə mən də toxundum. Tutalım, şahidin burada təhlükəsizlik məsələsi var. Yaxud orada iştirakçılardan birinə bəlli olur ki, onun babasını öldürən budur, dərhal orada bir addım atır və hər hansı bir cinayət törədir. Məhz növbəti cinayətin törədilməməsi üçün həmin informasiya gizli saxlanılmalıdır. Bu baxımdan qanunun 21-ci maddəsi yerindədir. Ümumiyyətlə, xahiş edirəm ki, üçüncü oxunuşda dediyim təkliflər nəzərə alınsın. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, biz artıq müzakirəni uzun müddətdir, davam etdiririk. Mən istərdim, Ziyafət müəllim də söz desin, sonra səsə qoyaq. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu qanun layihəsi ilə əlaqədar bildirmək istəyirəm ki, o, həqiqətən, mükəmməl hazırlanmış bir sənəddir, həm bizim Konstitusiyamıza, həm də 2009-cu il 18 mart tarixli referendum aktının tələblərinə tamamilə uyğundur. Amma nəzərə alsaq ki, burada bəzi çıxışlar oldu, mən də həmin çıxışlara münasibət bildirmək istəyirəm. Yəqin ki, Əli müəllim də öz fikrini bildirəcək. Amma bilavasitə bu sualların cavabına keçməzdən əvvəl bir məsələni xatırlamaq istəyirəm. Günün birinci yarısında biz ombudsmanı seçdik, təsdiq etdik. Burada Pənah Hüseyn dedi ki, guya kompüterdə qərar layihəsi yalnız bir namizəd haqqındadır. İndi mən baxıram, hər 3 namizəd haqqında qərar layihəsi var.
Yerdən. (Eşidilmir.)
Z. Əsgərov. Yox, ola bilməz. Yaxşı, aydındır.
Sədrlik edən. Pənah Hüseyn, yerinizdə əyləşin.
Yerdən. (Eşidilmir.)
Z. Əsgərov. Kompüterdə var, mən faktdan danışıram. Sadəcə olaraq, mən fikir verməmişəm. Yaxşı, kifayətdir.
Sədrlik edən. Pənah Hüseyn səhərdən yox idi, sakitçilik idi. O gələn kimi hay-küy qalxdı. Belə olmaz. Yerindən niyə danışırsan? Buyurun, Ziyafət müəllim.
Z. Əsgərov. Çox sağ olun, cənab Sədr. Burada qanun layihəsinin 1-ci maddəsi ilə bağlı maraqlı fikir səsləndi. Müvafiq icra hakimiyyəti orqanı ilə bağlı Fazil bəy bu fikri səsləndirdi. Yəni məhkəmələr və Məhkəmə-Hüquq Şurası aydındır. Amma Fazil bəy, hesab edirəm ki, burada müvafiq icra hakimiyyəti orqanının yazılması da yerindədir. Niyə? Çünki məhkəmələrin fəaliyyəti ilə bağlı, onların maddi-texniki təchizatı ilə bağlı bilavasitə Ədliyyə Nazirliyi məşğul olur. Misal üçün, mən fiziki şəxsəm, istifadəçiyəm və hər hansı bir məhkəmə haqqında məlumat əldə etmək istəyirəm. Amma onun kompüteri yoxdur. Yeri gəlmişkən, məhkəmələrin texniki təchizatı ilə bağlı Ədliyyə Nazirliyinin qaydaları var və bu məsələ onunla tənzimlənir.
Sonra, 7-ci maddə ilə bağlı fikirlər səsləndi. Yeri gəlmişkən, İlyas müəllim də həmin məsələyə toxundu. Mən tamamilə Sizinlə razıyam ki, ailə sirri ilə bağlı, əlbəttə, 2-ci maddədə hər hansı bir maddənin olması lazımdır. Amma istifadəçilərlə bağlı burada fikir səsləndi ki, vəzifələr də göstərilsin. Mən hesab edirəm ki, burada vəzifələrin göstərilməsinə ehtiyac yoxdur. Misal üçün, hər hansı bir fiziki şəxs, yəni istifadəçi məhkəmənin fəaliyyəti haqqında məlumat almaq istəyirsə, onun nə vəzifəsi ola bilər ki? Məhkəmə orqanının vəzifəsi isə öz fəaliyyəti ilə bağlı istifadəçiyə məlumat verməkdir.
22.2.1-ci maddə ilə bağlı Rafael müəllim burada fakir səsləndirdi. Rafael müəllim, mən hesab edirəm ki, IV fəslin olması tamamilə yerindədir. Bilirsiniz ki, 2009-cu il mart ayının 18-də biz referendum aktı qəbul etdik və orada göstərdik ki, məhkəmə qərarları dərc olunmalıdır. Bunun nəyi pisdir? Tutaq ki, hər hansı bir redaksiyanın nümayəndəsi Ali Məhkəmədə, yaxud Apellyasiya Məhkəməsində məhkəmə prosesində iştirak edir. Bu tamamilə normal bir şeydir. Əksinə, hesab edirəm ki, dövlət orqanlarının, məhkəmələrin, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə kütləvi informasiya vasitələrinin əlaqələndirilməsi yerindədir. Yəni bunun olmağı heç bir artıqlıq törətmir.
Burada açıq və qapalı iclasla, habelə informasiya sorğusu ilə bağlı məsələni Siyavuş müəllim qeyd etdi. Siyavuş müəllim, bizim “Məhkəmələr və hakimlər haqqında” Qanunumuz var. Açıq məhkəmə iclası da var, qapalı məhkəmə iclası da var. Sizin o dediyiniz ailə sirri ilə bağlı məsələ bizim Ailə Məcəlləsində var. Bu qəbildən olan məhkəmə prosesləri, bir qayda olaraq, qapalı keçirilir. Yəni qapalı məhkəmə iclasları keçirilir.
O ki qaldı “informasiya sorğusu” anlayışına, açığı, mən də əvvəlcə bu anlayışı tuta bilmədim. Burada informasiya əldə etmək hüququ haqqında sorğudan söhbət gedir. Fikir vermişəm, son vaxtlar bizim qanunvericiliyimizdə bu terminlərin qısaldılması ingilis dilindən gəlir. Adətən, bu cür qısa terminlər ingilis dilində olur. Biz bunu Azərbaycan dilinə çevirsək, bu cür olmalıdır: informasiya əldə etmək hüququ haqqında sorğu vermək. Görürsünüz, nə qədər uzandı. Mən başa düşürəm, Azərbaycan dilinin qrammatik qayda-qanununa bəlkə o qədər də uyğun deyil, amma məna aydındır. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, bizim millət vəkillərimiz çox mükəmməl təkliflər verdilər, fikirlər söylədilər. Yəqin, Əli müəllim və işçi qrupu bu təklifləri nəzərə alaraq, üçüncü oxunuşa daha təkmil qanun layihəsi təqdim edəcəklər. Qanun layihəsi beş fəsildən ibarətdir. İndi etiraz etmirsinizsə, biz fəsil-fəsil layihəni səsə qoyaq. Etiraz yoxdur ki? Xahiş edirəm, I və II fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun. III, IV və V fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun.
Hörmətli millət vəkilləri, indi qanun layihəsini bütövlükdə səsə qoyuruq. Buyurun, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qanun layihəsi qəbul edildi.
Hörmətli millət vəkilləri, biz günün ikinci yarısında iclasa başlamamışdan qabaq Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 252 nömrəli qətnaməsi ilə əlaqədar müraciət hazırlanması üçün komissiya yaratdıq. Əgər icazə versəniz, Səməd Seyidov bu müraciət barədə bizə məruzə etsin. Buyurun, Səməd müəllim.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Biz həm tənəffüsdə, həm də indi millət vəkilləri ilə Müraciət hazırladıq. Doğrudan da, bu gün Milli Məclisimizin qəbul etdiyi qərar, yəni Amerika Birləşmiş Ştatlarının Konqresinə Müraciətin qəbul olunması çox vacib, əhəmiyyətli bir məsələdir. İcazə versəydiniz, mən Müraciətin mətnini oxumağa başlayım.
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ KONQRESİNƏ
MÜRACİƏTİ
Hörmətli həmkarlar,
Bu günlərdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı”na dair qərar qəbul etməsi barədə aldığımız xəbər bizdə dərin narahatlıq və hiddət doğurmuşdur. Tarixi həqiqətlərə aşkar etinasızlığın və dövlət mənafelərinin erməni lobbisinin maraqlarına qurban verilməsinin bariz ifadəsi olan bu ədalətsiz qərarı biz Kiçik Asiya və Cənubi Qafqaz bölgəsində yeni problemlərə yol aça biləcək yanlış addım kimi qiymətləndiririk.
Erməni millətçilərinin qonşu dövlətlərə qarşı əsassız iddialarına haqq qazandırmaq üçün tam araşdırılıb obyektiv qiymətini almamış uzaq tarixi hadisələri siyasi alver predmetinə çevirməyə cəhd göstərilməsi göz qabağındadır. Tarixdə heç bir “erməni soyqırımı”nın baş vermədiyini elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən Qərb alimlərinin özləri çoxdan sübuta yetirmişlər. “Erməni soyqırımı” haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub saxta sənədlərə əsaslanır.
Türkiyə dövləti rəhbərliyinin Osmanlı dövrünə aid arxivləri açması, tədqiqatçıları, o cümlədən erməni alimlərini XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət etməsi, habelə tarixçilərdən ibarət müştərək komissiya yaradılmasını təklif etməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi “erməni soyqırımı” əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir. Erməni millətçilərinin həmin təklifi rədd etməsi sübut edir ki, onları tarixi həqiqətlərin üzə çıxarılması deyil, əksinə, ört-basdır edilməsi və faktların saxtalaşdırılması daha çox maraqlandırır.
Obyektiv araşdırmalar göstərir ki, XX əsrin əvvəllərində erməni millətçiləri müasir Türkiyə Cümhuriyyətinin ərazisində və Qafqazda kütləvi terror və soyqırımı aktları törədərək, 2 milyondan artıq günahsız türkü və azərbaycanlını qətlə yetirmişlər. Son 18 ilə yaxın bir dövrdə Azərbaycan parlamenti beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə, o cümlədən ABŞ Konqresinə ötən əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin, xüsusən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımının tanınması barədə dəfələrlə müraciət etmişdir. Təəssüf ki, sivil dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli cinayətə Amerika Birləşmiş Ştatları indiyədək heç bir qiymət verməmişdir.
Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin bu qədər ədalətsiz bir akt qəbul etməsi heyrət doğurur. Erməni millətçilərinin XX əsrin əvvəllərinə aid soyqırımı iddiaları və uydurmaları qəbul edildiyi halda onların müasir dövrdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına göz yumulması açıq-aşkar ermənipərəst qərəzli mövqedən xəbər verir. Belə bir şəraitdə Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla və 1 milyon azərbaycanlını qaçqın və köçkün həyatına məhkum etməklə beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozmaqda davam edir.
Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətləri tərəfindən münaqişəyə ikili standartlarla yanaşılması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının komitəsində ədalətsiz qərarın qəbul edilməsi bölgədə sülh yaradılması səylərinə mane olur və danışıqlar prosesində indiyədək əldə edilmiş pozitiv nəticələri heçə endirə bilər.
Lakin biz əminik ki, ABŞ-ın bölgədəki maraqlarına zidd olan, ABŞ – Türkiyə və ABŞ – Azərbaycan strateji tərəfdaşlığına zərbə vura biləcək bu qərar Amerika Konqresi tərəfindən rədd ediləcəkdir. Ümid etmək istəyirik ki, ABŞ kimi demokratik imicə malik olan bir dövlətin rəhbərliyi ABŞ – Türkiyə və ABŞ – Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu qərarın qəbul edilməsinə yol verməmək üçün mümkün olan hər şeyi edəcəkdir.
Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 5 mart tarixli iclasında qəbul edilmişdir.
Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məncə, çox sanballı bir Müraciətdir. Müraciətin qəbuluna etiraz yoxdur ki? Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, yekdilliklə qəbul edildi.
Çıxış etmək istəyənlər var. Müraciət qəbul olundu. Yəni bu Müraciətə əlavə qəbul edilməyəcək. Redaktə xarakterli qeydlərə baxmaq olar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin təklifinlə Müsavat qrupunun nümayəndəsi iştirak edirdi. Yəqin, redaktə edib. Başqa suallar yoxdur ki? Qənirə xanım, Müraciətə əlavə etmək istəyirsiniz? Müraciət qəbul olunub. Buyurun.
Q. Paşayeva. Oqtay müəllim, Beynəlxalq qadınlar bayramından öncə ilk çıxış edən bir qadın kimi bir məsələni vurğulamaq istərdim. Birincisi, bu münasibətlə bütün qadınlarımızı, o cümlədən şəhid analarını təbrik edirik. Amma bir xanım var ki, Milli Məclisin qadınları adından, hamımızın adından onu xüsusi təbrik etmək istəyirik. Çünki o, Azərbaycan qadınının həm adını, həm də nüfuzunu bütün dünyada çox yüksək səviyyədə qaldırır, təmsil edir. O bizim həmkarımız, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevadır. O bu gün buradadır, bizim aramızdadır, bu iclasda iştirak edir. Mən istəyirəm ki, bütün qadınlarımız, bütün həmkarlarımız adından Mehriban xanımı təbrik edək!
Mehriban xanımın mükafatları arasına bu yaxınlarda böyük bir mükafat da əlavə olunub. Mehriban xanım Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeni kimi çox mötəbər bir mükafata layiq görülüb. Təbii ki, bizim həmkarımızın, ölkəmizin birinci xanımının belə beynəlxalq mükafatlara layiq görülməsi Azərbaycanın bütün qadınlarını sevindirir. Çünki bu fəaliyyət millətimiz və dövlətimiz üçün çox vacibdir. Ona görə də Mehriban xanımı Beynəlxalq qadınlar günündən əvvəl həm bayram münasibəti ilə, həm də belə yüksək ad alması münasibəti ilə təbrik edirik! Ona həm Qarabağ həqiqətlərinin təbliği istiqamətində, həm beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun və imicinin qaldırılması, həm də ölkəmizin daxilində gördüyü işlərlə əlaqədar böyük-böyük uğurlar arzulayırıq! Bu mənada bütün qadın həmkarlarımın təbriklərini çatdırmaq istəyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu təbrikə hamımız qoşuluruq. (Alqışlar.)
Buyurun, Mehriban xanım.
M. Əliyeva. Mən bütün həmkarlarıma təbrikə görə təşəkkür edir və qadın həmkarlarımıza bayram münasibəti ilə öz təbriklərimi çatdırıram, Azərbaycanın bütün qadınlarını səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza can sağlığı, gələcəkdə uğurlar, ailə səadəti arzu edirəm. Bir daha çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Mehriban xanım. İclasımız sona çatdı.