16.03.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 137
Mill Məclisin iclas salonu.
16 mart 2010-cu il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 117 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şirkət, agentlik və səhmdar cəmiyyətlərin rəhbərləri
İskəndər Çəndirli, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Nizaməddin Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Mərkəzi idarə və təşkilatların rəhbərləri
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arzu Rəhimov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi.
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
Arif Məmmədov, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi.
* * *
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
İsmayıl Sadıxov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Rüfət Əsədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Rasim Dadaşov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsinin müdiri.
Səyyaf İsmayılov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri.
Şahin Salahov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri.
Aydın Məmmədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat və rabitə şöbəsinin müdiri.
Qulu İmanquliyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Müdafiə sənayesi şöbəsinin müdiri.
Ağadayı Ağayev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri.
Nizami Mustafayev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin müdiri.
Akif Əli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri.
* * *
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Xəqani Abdullayev, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru.
* * *
Həsən Hacıyev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında.
3. R.Aslanlının Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “R.Aslanlının Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
16 mart 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar! İcazə verin, bugünkü iclasımızı xoş bir ovqatla başlayaq. Bildiyiniz kimi, xalqımız üçün əziz olan torpaq çərşənbəsi günü iclasımıza başlayırıq. Xalqımızda belə bir inanc var ki, bayram günü ürəkdə tutulan arzular həmişə çin olur. Mən arzu edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, dönməz siyasət nəticəsində gələn il bu torpaq çərşənbəsində Azərbaycan torpaqları işğaldan azad olunsun və xalqımız həmişə xoşbəxt, şən və firavan yaşasın. (Alqışlar.)
İcazə verin, bir daha bu torpaq çərşənbəsi, həm də üzümüzə gələn Novruz bayramı münasibəti ilə hamınızı və bütün Azərbaycan xalqını ürəkdən təbrik edim! (Alqışlar.)
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 112
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi, Milli Məclis hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin əvvəlki ildəki fəaliyyəti barədə hesabatını dinləyir. Bugünkü iclasımız da, əsasən, bu məsələyə həsr olunacaqdır.
Dünya iqtisadiyyatında davam edən qlobal maliyyə böhranına baxmayaraq, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək – 9,3 faiz artım sürətinə nail olmuş, nəzərdə tutulan layihələrin icrası təmin edilmişdir. Davosda keçirilən Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerə layiq görmüşdür. Bu, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək göstəricidir. Dünyanın əksər ölkələrində müşahidə olunan iqtisadi tənəzzül fonunda ölkəmizdə iqtisadi inkişaf davam etmiş, yoxsulluq səviyyəsi azalmış, əhalinin rifahı yaxşılaşmışdır. Önəmli haldır ki, hesabat ilində ümumi daxili məhsulun həcminin 64 faizi iqtisadiyyatın istehsal sahəsinin, 28 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Əvvəlki illərdə olduğu kimi, yenə də qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2008-ci illə müqayisədə bu sahədə real artım 3,2 faiz olmuşdur. Ümumi daxili məhsulun 45,4 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Ümumiyyətlə, son 5 il ərzində qeyri-neft sektorunda ardıcıl iqtisadi artım müşahidə olunur.
Ölkədə həyata keçirilən islahatlar xalqın etimadını qazanmışdır. Bunun əsas göstəricilərindən biri də iqtisadiyyatımıza sərmayə qoyuluşudur. Ötən il əsas kapitala yönəldilmiş investisiyaların 80 faizini daxili, 20 faizini isə xarici vəsaitlər təşkil etmişdir. Burada ən önəmli cəhət budur ki, xarici investisiyaların 87 faizi Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Fransa, İsveçrə, Norveç, Çexiya və Türkiyə kimi inkişaf etmiş ölkələrin payına düşür. Bu, ölkəmizə böyük inamın göstəricisidir. İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifah halının yüksəlməsinə də müsbət təsir göstərmişdir. Ötən il ölkə üzrə işçilərin orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8,6 faiz artaraq 298 manat olmuşdur. Bu da ölkədə mövcud olan inflyasiyanı 7 faiz üstələmişdir.
Hörmətli deputatlar, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas icraçısı Nazirlər Kabinetidir. Qeyd etməliyəm ki, son illərdə Nazirlər Kabine-tinin parlamentə təqdim etdiyi hesabatlar ətraflı və yaradıcı tərzdə müzakirə olunur, millət vəkillərinin təklifləri hökumətin növbəti illər üçün fəaliyyət dairəsinə daxil edilir. Ötənilki hesabatın müzakirəsi zamanı millət vəkillərinin irəli sürdükləri təklif və tövsiyələrin ümumiləşdirilməsi, icra vəziyyəti barədə geniş məlumatın bizə təqdim olunmuş cari hesabatda verilməsi bunu bir daha təsdiqləyir və parlament–Nazirlər Kabineti əlaqələrinin sıx olduğunu nümayiş etdirir.
Hörmətli iclas iştirakçıları, həm hökumətin, həm də Milli Məclisin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi və xalqın rifah halının yüksəlməsidir. Nazirlər Kabinetinin hesabatının hər il parlamentdə dinlənilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin güclənməsinə xidmət edir. Ona görə də mən hörmətli millət vəkillərindən xahiş edirəm ki, hökumətin keçənilki fəaliyyəti barədə hesabatının müzakirəsində fəal iştirak eləyək, obyektiv, düzgün, ölçülü şəkildə fikirlərimizi və təkliflərimizi bildirək.
Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 114
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu.
İndi isə Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı dinləmək üçün Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verilir.
A. Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! Ölkənin sosial-iqtisadi inkişafının möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclaslarında dərindən təhlil edilməsi və ilin yekunları ilə bağlı Milli Məclisdə ətraflı dinləmələrin keçirilməsi ictimaiyyət tərəfindən iqtidarın xalq qarşısında hesabatı kimi təqdir edilir.
Dövlət başçısının yüksək idarəçilik məharəti, mütərəqqi iş üslubu, problemlərin həllinə müasir yanaşma tərzi cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərinin təmin edilməsini ön plana çəkərək, ali məqsəd kimi qarşıya qoymuşdur.
2008-ci ildə növbəti müddətə Prezident seçilən İlham Əliyevin bu dövrdəki fəaliyyəti, özünəməxsus praqmatizm və ardıcıllıqla həyata keçirdiyi tarazlaşdırılmış sosial-iqtisadi siyasət həmişə olduğu kimi, yenə də Azərbaycanın dinamik inkişafına və tərəqqisinə xidmət etmişdir. Dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə də ölkəmizdə makroiqtisadi sabitliyə və real artıma nail olunmuş, xalqın maddi rifah halının yaxşılaşması təmin edilmişdir.
Artıq bir neçə ildir ki, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə respublikamız dünya ölkələri arasında ən yüksək yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, bazar institutlarının fəaliyyəti nəticəsində əldə olunan yüksək kəmiyyət və keyfiyyət dəyişiklikləri iqtisadiyyatda keçid dövrünün tamamlandığını şərtləndirən əsas göstəricilərdir.
Nazirlər Kabinetinin hesabat dövründəki fəaliyyəti Prezidentin ötən ilin yanvarında verdiyi tapşırıqlara uyğun olaraq böhrana qarşı qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsinə yönəldilmişdir. Bununla bağlı hökumət makroiqtisadi sabitliyin qorunması, istehsalın səviyyəsinin saxlanılması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarların işgüzar fəallığının stimullaşdırılması istiqamətlərində zəruri işlər görmüşdür. Həyata keçirilən qətiyyətli və səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, qeyri-neft sektorunda şaxələndirmə əsasında iqtisadi artım əldə edilmişdir.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti “Doinq-Business” hesabatında Azərbaycan öz yüksək mövqeyini saxlamışdır. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətinə görə Azərbaycanı dünyada 51-ci yerə layiq görmüşdür ki, bu da Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək göstəricidir. “Standart Poors” Beynəlxalq Reytinq Agentliyi respublikamızın reytinq proqnozunun “sabit” səviyyəsindən “müsbət” səviyyəyə yüksəldiyini bəyan etmişdir.
Hesabat ilində ümumi daxili məhsulun həcmi 34,6 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 9,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil etmişdir. İnflyasiyanın səviyyəsi 1,5 faizə endirilmişdir.
Həmişə olduğu kimi, sosial məsələlərin həlli hökumətin fəaliyyətində prioritet yer tutmuşdur. Orta aylıq əmək haqqı 8,6 faiz artaraq 298 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 100,4 manata çatdırılmışdır. Minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 75 manat olmuşdur. Keçən il artırılan ehtiyac meyarı əsasında 654 min insanın ünvanlı sosial yardım almasına dövlət büdcəsindən 180 milyon manat vəsait xərclənmişdir. Sosial-iqtisadi inkişafın əsas göstəricilərindən olan yoxsulluğun səviyyəsi 2,2 faiz azaldılaraq 11 faizə endirilmişdir. İl ərzində 74 minə yaxın yeni iş yeri açılmışdır.
Təbii ki, yoxsulluğun səviyyəsinin aşağı salınmasında ölkə Prezidentinin təsdiq etdiyi yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının xüsusi əhəmiyyəti olmuşdur. 2009-cu ildə dövlət büdcəsinin investisiya proqramı çərçivəsində regionların inkişafına 1,5 milyard manat vəsait ayrılmışdır. Bölgələrdə aparılan sosial quruculuq və infrastruktur təminatının yaxşılaşdırılması işlərini davam etdirməklə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
“2009–2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq pensiya sistemində islahatların yeni mərhələsi başlanmışdır. Sosial sığorta haqları və sığorta ödənişləri arasında birbaşa əlaqə təmin olunmuş, sığorta stajının vahid prinsiplər əsasında pensiya kapitalına çevrilməsi problemi həllini tapmışdır. Pensiya təminatında insan faktorunun rolunun minimuma endirilməsi üçün hüquqi baza yaradılmış, şəffaf və avtomatlaşdırılmış vahid pensiya sisteminin formalaşdırılması son mərhələyə keçmişdir.
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 707 mənzil tikilmişdir ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Əlillər üçün iki yeni reabilitasiya mərkəzi açılmış, 500 ədəd minik avtomobili ayrılmışdır.
Məcburi köçkünlərin sosial problemlərinin həlli hökumətin fəaliyyətində yenə də vacib istiqamət olmuşdur. Ümumilikdə 1416 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 307,8 milyon manat vəsait sərf edilmişdir. Bakı şəhərində yaşayış kompleksi, Goranboy və Abşeron rayonlarında yeni qəsəbələr, Göygöl rayonunda 26 fərdi ev tikilərək istifadəyə verilmişdir.
Hörmətli deputatlar, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 10,3 milyard manat, xərcləri isə 10,6 milyard manat olmuşdur. Dünya bazarlarında karbohidrogenlərin qiymətinin kəskin aşağı düşməsinə, ölkələr arasında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, ümumilikdə aparılan düzgün maliyyə siyasəti imkan vermişdir ki, sosial və təhlükəsizliklə bağlı xərclər tam həcmdə icra olunsun. Sosial yönümlü xərclərə 2,8 milyard manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 19,5 faiz çoxdur.
İqtisadi mühitin daha da yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması məqsədi ilə Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilməsi dərəcəsi 35 faizdən 20 faizə, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi isə 35 faizdən 30 faizə endirilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi üçün əməliyyatların ilkin həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır.
2009-cu ildə hökumət Mərkəzi Bankla daha sıx əlaqədə işləmiş, aidiyyəti üzrə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində makroiqtisadi sabitliyin qorunmasına nail olunmuşdur. Böhranın ölkə iqtisadiyyatına təsirinin yumşaldılması istiqamətində qanunvericilikdə edilən mühüm dəyişikliklər tənzimləmə imkanlarını daha da artırmışdır. Bununla real sektora hökumət zəmanəti ilə məqsədli kreditlərin verilməsi, kommersiya banklarına isə subordinasiyalı kreditlərin ayrılması mexanizmi yaradılmışdır. Bank sisteminə ictimai inamı daha da möhkəmləndirmək məqsədi ilə illik faiz dərəcəsi 15 faizədək olan əmanətlər sığorta sisteminə daxil edilmiş, onların maksimal məbləği 5 dəfə qaldırılmışdır. Nəticədə banklarda yerləşdirilmiş əmanətlər ötən ilin ikinci rübündən artmağa başlamışdır.
Aparılan məzənnə siyasəti nəticəsində valyuta bazarında sabitlik təmin edilmiş, inflyasiyanın kəskin artmasının qarşısı alınmış və bank sistemində maliyyə dayanıqlığı qorunmuşdur. Ölkənin strateji valyuta ehtiyatları ötən ilin sonuna 1,8 milyard ABŞ dollarından çox artaraq, Dövlət Neft Fondunun vəsaitləri də nəzərə alınmaqla 20 milyard dolları ötmüşdür. İl ərzində onların idarə olunmasından 430 milyon dollara yaxın gəlir əldə olunmuşdur. Dövlət büdcəsindən 287,7 milyon dollar həcmində xarici borc ödənilməklə kreditorlar qarşısında öhdəliklər tam həcmdə yerinə yetirilmişdir.
Hər il sahibkarlığın dəstəklənməsi məqsədi ilə böyük həcmdə güzəştli kreditlərin verilməsi, aqrar sektora subsidiyaların ayrılması qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayır. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondundan 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kredit verilmişdir. Fondun qaydalarına edilən dəyişiklik nəticəsində güzəştli kreditlərin maksimum həddi
3 milyondan 5 milyon manata qaldırılmış, faiz dərəcəsi isə 7-dən 6-ya endirilmişdir. 2008-ci illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayının 2,6 dəfə, güzəştli kreditlərin məbləğinin isə 1,5 dəfə artması dövlət tərəfindən sahibkarlığa göstərilən qayğının real təzahürüdür.
Hörmətli deputatlar, yuxarıda qeyd etdiyimiz çətinliklərə baxmayaraq, keçən il sənaye məhsulları istehsalında 8,6 faiz artıma nail olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan neftqazçıxarma sənayesinin cari fəaliyyəti və perspektiv inkişafı yenə də hökumətin diqqət mərkəzində olmuşdur. Belə ki, ölkə tarixində ilk dəfə 2009-cu ildə neftin hasilatı 50 milyon tonu keçmiş və əvvəlki illə müqayisədə təxminən 14 faiz artmışdır. Qaz hasilatı isə 23,6 milyard kubmetrə çatdırılmışdır ki, bu da 2008-ci ildəkindən 300 milyon kubmetr çoxdur.
Neft emalı zavodlarının fəaliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması əsas neft məhsullarına ildən-ilə artan daxili tələbatı ödəməyə imkan vermişdir. Ötən il neftin emal dərinliyi ilk dəfə olaraq 90 faizi ötmüş, əmtəəlik mazutun illik istehsalı isə 3 il bundan əvvəlki 2 milyon tondan 308 min tona düşmüşdür. Nəticədə açıq rəngli neft məhsullarının çıxım həcmi 71 faizə çatdırılmışdır.
Ölkəmizin qaz ixracı istiqamətlərinin şaxələndirilməsi davam etdirilərək cari ilin əvvəlindən ilk dəfə olaraq təbii qazın Rusiya Federasiyasına ixracına başlanmışdır. Gürcüstana verilən qazın həcmi artırılmış, İran İslam Respublikasına təbii qazın ixracı ilə bağlı hazırlıq işləri isə tamamlanmışdır. Ötən payız-qış mövsümü üçün qaz anbarlarında rekord həcmdə – 1,9 milyard kubmetrdən artıq təbii qaz ehtiyatı yaradılmışdır. Prezident İlham Əliyevin fərmanı ilə əhalinin təbii qazdan istifadəyə görə yaranmış 327 milyon manat məbləğində borclarının silinməsi xalqın sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri olmuşdur.
Respublikamızın enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm yer tutan energetika kompleksinin potensialının artırılması istiqamətində aparılan intensiv işlər davam etdirilmişdir. İl ərzində 525 meqavatlıq “Sumqayıt” və 104 meqavatlıq “Şahdağ” elektrik stansiyaları istismara verilmiş, enerji sisteminin gücü 9,8 faiz artaraq 6370 meqavata çatdırılmışdır. Şirvan şəhərində 780 meqavatlıq elektrik stansiyasının tikintisi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasında 36,5 meqavatlıq “Ordubad” və Füzuli rayonunda 25 meqavatlıq su-elektrik stansiyalarının inşasına başlanmışdır. “Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na uyğun olaraq müvafiq dövlət agentliyi yaradılmışdır. Bu istiqamətdə mövcud imkanların öyrənilməsinə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat ayrılmışdır. Cari ilin investisiya proqramında isə alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün 40 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyəti olan aqrar-sənaye kompleksinə xüsusi diqqət yetirilmişdir. Fermerlərə və sahibkarlara dövlətin günbəgün artan maliyyə və texniki dəstəyi, ildən-ilə yaxşılaşan infrastruktur təminatı öz bəhrəsini vermişdir. Əvvəlki ilə nisbətən bitkiçilik məhsulları istehsalında 4 faiz, heyvandarlıqda 2,8 faiz, ümumən, kənd təsərrüfatı məhsulları istehsalında 3,5 faiz real artım əldə edilmişdir. Ölkə tarixində ilk dəfə olaraq ən yüksək miqdarda dənli bitki məhsulu toplanmışdır. “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 22,7 milyon manat ayrılmışdır.
Kənd təsərrüfatı sahəsi üçün mühüm əhəmiyyəti olan meliorasiya tədbirləri davam etdirilmiş, suvarma və kollektor-drenaj şəbəkələri tikilmiş, yeni mühafizə bəndləri qurulmuşdur. Taxtakörpü və Şəmkirçay su anbarlarında, Taxtakörpü–Ceyranbatan kanalında və digər mühüm obyektlərdə tikinti və yenidənqurma işləri aparılmışdır. Ümumilikdə əsaslı tikinti və yenidənqurma işlərinə 242,1 milyon manat vəsait yönəldilmişdir.
Hesabat ilində bütün növ nəqliyyat vasitələri ilə əvvəlki illə müqayisədə 3,7 faiz çox yük daşınmış, sərnişin daşınması isə 6,9 faiz artmışdır. İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 930 yeni avtobus, 15 metro vaqonu alınaraq istismara buraxılmışdır. Metropolitenin yeni “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı istifadəyə verilmişdir. Respublikanın 700 kilometrdən artıq avtomobil yollarında tikinti və təmir işləri aparılmışdır. 4 yol ötürücüsü, 5 yol qovşağı, 7 körpü tikilmişdir. Ucar–Yevlax və Bakı–Şamaxı avtomobil yollarının yenidən qurulması başa çatmışdır.
Rabitə və telekommunikasiya sahəsində il ərzində göstərilmiş xidmətlərin ümumi həcmi 13,1 faiz artmış, bu sektora investisiya qoyuluşu 142,2 milyon manat təşkil etmişdir. Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması barədə qəbul olunmuş qərara uyğun olaraq keçən il sahənin inkişafı üzrə müvafiq dövlət proqramı təsdiq edilmişdir. Hazırda ilk peykin orbitə çıxarılması ilə bağlı hazırlıq işləri aparılır.
Hörmətli deputatlar, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində görülən praktiki işlər daha geniş miqyas almışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar hazırlanmış proqramın icrasına başlanmışdır. Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması, Bakının kanalizasiya sisteminin genişləndirilməsi işləri davam etdirilmişdir. Hövsanda aerasiya stansiyası tikilmiş, Sumqayıtda analoji qurğunun inşası və civə tərkibli tullantıların zərərsizləşdirilməsi prosesi başa çatdırılmışdır. Dünya Bankının xətti ilə bərk tullantıların vahid idarəetmə sisteminin yaradılmasına başlanmış, müasir standartlara cavab verən məişət tullantıları zavodunun tikintisinə start verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Xüsusi mühafizə olunan ərazilərin artırılması məqsədi ilə Lerik rayonu ərazisində Dövlət Təbiət Yasaqlığı yaradılmış, Zəngəzur Milli Parkının ərazisi genişləndirilmişdir.
Respublikamızın şəhər və rayonlarının su və kanalizasiya sistemlərinin tikintisi, bərpası və yenidən qurulması hökumətin qarşısında duran çox vacib və təxirəsalınmaz məsələdir. Ötən il Kür və Araz çaylarının ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 122 kəndi əhatə edən 60 modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir. Müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları ilə 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı işlərin radikal şəkildə həll edilməsi məqsədi ilə 1 milyard ABŞ dolları məbləğində müqavilələr imzalanmışdır. Layihələrin reallaşmasına dövlət büdcəsindən də təqribən 290 milyon manat ayrılacaqdır. Naxçıvan şəhərində, Göyçay və Ağdaş rayonlarında artıq bu işlərə başlanılmışdır. Məqsədimiz nəzərdə tutulan işləri qısa müddətdə başa çatdırmaq, əhalini standartlara uyğun içməli su ilə təmin etməkdir.
Hörmətli deputatlar, təhsil sahəsinə ilbəil artan diqqət dövlət başçısının “maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” fikri ilə bilavasitə bağlıdır. Bunu rəhbər tutaraq inkişaf yönümlü 16 proqramın icrası, beynəlxalq təhsil standartlarının tətbiqini təmin edəcək Boloniya prosesinə keçid ilə bağlı işlər davam etdirilmişdir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində 68 yeni məktəb binası tikilmiş, 28 məktəb əsaslı təmir olunmuş, 320 məktəb müasir avadanlıq və tədris laboratoriyaları ilə təchiz edilmişdir, 87 məktəbin istilik sistemində təmir-bərpa işləri tamamlanmışdır. Ali məktəblərin müasir tədris avadanlıqları ilə təchiz olunmasına 29 milyon manat vəsait yönəldilmişdir. Müvafiq Dövlət Proqramına uyğun olaraq 303 gənc dünyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilmişdir.
Sosial-iqtisadi həyatımızın bütün istiqamətlərində əldə olunan nailiyyətlər mədəniyyət sahəsində də öz əksini tapmışdır. Milli mədəniyyətin inkişafı, zənginləşdirilməsi, təbliği və qorunub saxlanması istiqamətində aparılan səmərəli işlərin məntiqi nəticəsi olaraq Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Mədəniyyət sahəsinə məxsus 500-dən artıq bina və tarixi abidədə təmir-bərpa işləri aparılmışdır. Dövlət investisiya xərcləri hesabına mühüm mədəniyyət və turizm obyektlərində davam etdirilən tikinti işlərinə 100 milyon manatdan artıq vəsait xərclənmişdir.
Səhiyyə sistemində aparılan ardıcıl islahatlar əhaliyə göstərilən tibbi xidməti keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa imkan vermişdir. Hesabat ilində səhiyyəyə 500 milyon manatdan çox büdcə vəsaiti ayrılmışdır. Müasir tibbi avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunmuş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Respublika Perinatal Mərkəzi, Naxçıvan Doğum Mərkəzi, Hacıqabul Tibb Mərkəzi, Yevlaxda uşaq xəstəxanası, Göygöldə mərkəzi xəstəxana, 4 dializ mərkəzi və sair olmaqla, ümumilikdə 60-dan artıq tibb müəssisəsi tikilib istifadəyə verilmiş və əsaslı təmir olunmuşdur.
Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyinə dövlət nəzarətinin təmin edilməsi istiqamətindəki işlər əhəmiyyətli dərəcədə sərtləşdirilmişdir. Ümumilikdə 654 aptekdə aparılmış yoxlamalar nəticəsində 52 aptekin fəaliyyəti qeyri-qanuni olduğu üçün dayandırılmışdır. Ölkənin ucqar rayonlarında tibbi kadrlara olan tələbatın ödənilməsi və mütəxəssis çatışmazlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarından sonra ali təhsilli məzunların bu bölgələrə təyinatı 30 faizə qədər artmışdır.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, əhalinin keyfiyyətli qida məhsulları ilə təminatı sahəsində də nəzərə çarpan işlər görülmüş, istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması məqsədi ilə aidiyyəti təşkilatlar tərəfindən nəzarət tədbirləri gücləndirilmişdir.
Gənc nəslin hərtərəfli inkişafı, intellektual potensialının gücləndirilməsi və idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü siyasət ötən ildə də davam etdirilmişdir. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilmişdir.
İdmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər beynəlxalq turnirlərdə iştirak edərək 619 medal qazanmışlar. Komandalar arasında keçirilmiş şahmat üzrə qitə birinciliyində kişilərdən ibarət yığmamız ilk dəfə olaraq Avropa çempionu adına layiq görülmüşdür. Respublika Olimpiya İdman Liseyi əsaslı təmir olunmuş, Şəmkirdə, Şərurda, İsmayıllıda, Bakı şəhərinin Hövsan və Şağan qəsəbələrində olimpiya idman kompleksləri tikilərək istifadəyə verilmişdir.
Humanitar sahələrdə əldə edilən nailiyyətlər haqqında söylədiklərimi yekunlaşdıraraq, təhsil və səhiyyə sisteminin, milli mədəniyyətin, idmanın inkişafında, qaçqın və məcburi köçkünlərin, uşaqların xeyirxahlıq və qayğı ilə əhatə olunmasında, Azərbaycan həqiqətlərinin xaricdə uğurla təbliğ edilməsində Heydər Əliyev Fondunun və onun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü əhəmiyyətli işləri xüsusilə qeyd etmək istərdim.
Hörmətli deputatlar, məlumdur ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir və sülh danışıqları hələ ki, nəticə vermir. İşğal altında olan torpaqlarımızın azad edilməsini və ərazi bütövlüyümüzün bərpa olunmasını şəxsi nəzarətində saxlayan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, nə 5 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Prezident İlham Əliyev sülh danışıqları nəticə verməzsə, torpaqlarımızın hərb yolu ilə azad olunacağının da istisna edilmədiyini birmənalı bəyan etmişdir. Dövlət başçısının bununla bağlı tapşırıqlarına uyğun olaraq ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, hərbi qüvvələrimizin hazırlıq səviyyəsinin yüksəldilməsi, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində ən prioritet istiqamətlər olmuşdur.
Silahlı qüvvələrin müasir döyüş texnikası, silah-sursat, ərzaq, geyim, tibbi və digər maddi-texniki vasitələrlə təmin edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Nazirlər Kabinetinin ilin əvvəlində keçirilən iclasında dövlətimizin rəhbərinin qeyd etdiyi kimi, müdafiə sənayesinin yaradılması haqqında qəbul edilmiş qərar çox düzgün və vaxtında atılmış bir addım idi. Bu qərarın icrası istiqamətində ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə son 3 ildə görülmüş kifayət qədər ciddi işlər nəticəsində iqtisadiyyatın yeni sahəsi olan hərbi sənaye kompleksinin əsasları yaradılmışdır. Sahənin inkişafına 500 milyon dollardan artıq vəsait qoyulmuşdur. Yüksək tələblərə cavab verən yeni istehsalat sahələrinin təşkili, müasir texnologiyaların tətbiqi silah-sursat və texnika istehsalına başlamağa imkan vermişdir. Hazırda 350 çeşiddə müdafiə təyinatlı məhsul istehsal edilir. Xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq əlaqələri də uğurla inkişaf etdirilmiş, 28 dövlətlə hərbi, hərbi-texniki, hərbi təhsil, təmənnasız hərbi yardım və digər sahələri əhatə edən sənədlər imzalanmışdır.
Hamıya məlumdur ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılmasının əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Məhz onun titanik zəhməti, böyük uzaqgörənliklə apardığı ardıcıl və qətiyyətli hərbi siyasət nəticəsində nizami ordu yaradılmışdır. Son illər ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin ordu ilə bağlı qəbul etdiyi məqsədyönlü və konkret qərarlar sahəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənmiş, onların döyüş texnikası ilə təminatı keyfiyyətcə yeni səviyyəyə qaldırılmışdır. Dövlət başçısı tərəfindən əsgərlərimizə, Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərilən gündəlik diqqət və qayğı orduda mübariz əhvali-ruhiyyə yaratmışdır. Lakin münaqişənin həll olunmaması, yaşadığımız müharibə şəraiti hərbçilərə, həm də sərhədyanı rayonlarda düşmənlə üz-üzə dayanan əhaliyə ümumxalq dəstəyinin daha güclü və davamlı olmasını tələb edir. Hesab edirəm ki, taleyüklü bu məsələdə cəmiyyətimizin bütün təbəqələri və kütləvi informasiya vasitələri bir nöqtəyə vurmalı, əsl vətənpərvərlik mövqeyi nümayiş etdirməlidirlər.
Hörmətli deputatlar, Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev ölkəmizin qlobal böhrandan minimum itkilərlə çıxdığını xüsusi vurğulamışdır. Dövlət başçısı bir daha qeyd etmişdir ki, Azərbaycanın nail olduğu uğurların əsası ötən illərdə qoyulmuş fundamental iqtisadi bazisə, aparılan düşünülmüş və düzgün siyasətə söykənir. Görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirən ölkə rəhbəri onu da nəzərə çatdırmışdır ki, iqtisadiyyatımız artıq keçid dövrünü başa vurmuş, liberal, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya iqtisadi sisteminə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Dövlət başçısı qazanılan uğurların daha da möhkəmləndirilməsi üçün 2010-cu ildə hökumətin qarşısında duran vəzifələrlə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasını müasir çağırışlara uyğun davam etdirən Prezident İlham Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti əminliklə deməyə əsas verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə hökumət bundan sonra da xalqın rifahı naminə var qüvvəsi ilə çalışacaqdır. Ümidvaram ki, hörmətli deputatlar hər il olduğu kimi, hesabatın müzakirəsində iştirak edərək dəyərli təklifləri ilə ümumi işimizin xeyrinə töhfələrini verəcəklər.
Hörmətli deputatlar, icazə verin, imkandan istifadə edib bu il parlament seçkilərinin keçiriləcəyini nəzərə alaraq, sizə 5 il ərzində hökumətlə birgə səmərəli fəaliyyət göstərdiyinizə görə təşəkkürümü bildirim, hər birinizə möhkəm can sağlığı və uğurlar arzulayım. Qarşıdan gələn gözəl Novruz bayramı münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edirəm! Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, hesabatın müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak edəcək millət vəkilləri yazılsınlar. Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin rəhbərliyi altında Azərbaycan Hökumətinin 2009-cu ildə gördüyü işlər Nazirlər Kabinetinin hesabatında tam dolğunluğu ilə öz əksini tapmışdır. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olduğu dövrdə biz 4 dəfə dövlət büdcəsini qəbul etmişik. Bununla da beşinci dəfədir ki, hökumətin hesabatını dinləyirik. Bildiyiniz kimi, 2 il əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhran hələ də davam edir. Ölkəmiz bu böhrandan ən az ziyan çəkən ölkələr sırasındadır. Bu onu bir daha təsdiq edir ki, hökumət cənab Prezident möhtərəm İlham Əliyevin rəhbərliyi altında ölkədə düzgün iqtisadi siyasət müəyyən edib və həyata keçirir.
Ölkə iqtisadiyyatının inkişafını müəyyən edən əsas göstərici ümumi daxili məhsul istehsalıdır. Hesabat dövründə ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 34,6 milyard manat təşkil etmişdir. 2009-cu ilin yekununa olan məlumata görə neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 47 faiz təşkil edir ki, bu da əvvəlki ildən bir qədər aşağıdır.
Ölkədə iqtisadi artımın qorunub saxlanmasında maliyyə sabitliyi mühüm rol oynamışdır. Belə ki, hesabat dövründə inflyasiya cəmi 1,5 faiz təşkil etmişdir ki, bu da son illərin ən yaxşı nəticəsidir. Hesabatda qeyd edildiyi kimi, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu beynəlxalq təşkilatlar da manatın məzənnəsini mövcud şəraitdə ölkədə maliyyə-iqtisadi sabitliyin mərkəzi elementi kimi qiymətləndirmiş və Mərkəzi Bankın apardığı siyasəti təqdir etmişlər. Belə ki, Mərkəzi Bank il ərzində uçot dərəcəsini dəyişərək 8 faizdən 2 faizə qədər endirmişdir. Görülmüş tədbirlər nəticəsində böhran fonunda Azərbaycan bank sistemi yüksək maliyyə dayanıqlığı nümayiş etdirmişdir.
Bildiyiniz kimi, mən seçicilərimin hamısını məcburi köçkünlər təşkil edən 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsindən deputat seçilmişəm. 2009-cu ildə əhalimizin ən zəif təbəqəsi olan məcburi köçkünlərimiz ölkə başçısının tam diqqət və qayğısı ilə əhatə olunmuşdur. Belə ki, cənab Prezidentin göstərişi ilə Biləsuvar rayonu ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyəti üçün inzibati bina inşa edilmiş, 6372 nəfərdən ibarət 1416 məcburi köçkün ailəsi üçün 8675 kvadratmetr sahəyə malik evlər, 4 məktəb, 1 uşaq bağçası, 1 tibb müəssisəsi, 1 rabitə evi və sair inşa edilmişdir. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Fevral ayında cənab Prezidentin sərəncamı ilə 700 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məsələsi Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bu diqqət və qayğıya görə seçicilərim olan məcburi köçkünlərin adından ölkə rəhbərinə öz dərin təşəkkürümü bildirirəm. Onların problemlərinin həlli bizim hər birimizin probleminin həlli deməkdir.
Hörmətli Sədr, mən hesab edirəm ki, son bir ildə hökumət yaxşı işləmişdir. Azərbaycan Hökumətinin 2009-cu ildəki işini yaxşı qiymətləndirir və hesabatın bəyənilməsini təklif edirəm. Mən də, hörmətli Sədr, həm Sizə, həm də digər həmkarlarıma qoşularaq qarşıdan gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Ümid edirəm ki, biz, məcburi köçkünlər növbəti Novruz bayramını öz torpağımızda qeyd edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, bir neçə dəfə reqlamenti 5 dəqiqə etmişik, çox böyük narazılıqlar olub. Hökumətin hesabatıdır, 10 dəqiqə qalacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, görürsünüz, 5 dəqiqə danışdı. Bir-birimizə hörmət edək və mümkün qədər yığcam çıxış edək. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Həm Nazirlər Kabinetinin hazırladığı və Milli Məclisə təqdim etdiyi geniş hesabatdan, həm də hörmətli Baş nazirimizin dərin məzmunlu, ətraflı çıxışından bir daha görünür ki, ölkəmizdə 2009-cu ilin sosial-iqtisadi göstəriciləri uğurlu olmuşdur. Ümumiyyətlə, hökumətimiz 2009-cu ildə uğurlu fəaliyyət göstərmişdir. Həm də nəzərə alaq ki, 2008-ci ilin ikinci yarısından başlayan və bütövlükdə 2009-cu ili əhatə edən, hələ də başa çatmamış olan qlobal dünya böhranı fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ötən il də bizim ümumi daxili məhsulumuz 9,3 faiz artmışdır. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı əsaslar üzərindədir.
Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi ölkənin sosial-iqtisadi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Cənab Prezidentin modernləşdirilmiş, tarazlaşdırılmış, situasiyaya uyğun olaraq apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz uğurlu bəhrələrini verir. Son ildə ümumdünya böhranı fonunda ölkə iqtisadiyyatının inkişaf etməsi, Azərbaycanda insanların sosial rifah halının yaxşılaşması, makroiqtisadi göstəricilərimizin ildən-ilə güclənməsi, əhalinin pul gəlirlərinin artması, yoxsulluğun və işsizliyin səviyyəsinin aşağı düşməsi, orta aylıq əmək haqqının və orta aylıq pensiyaların artması Azərbaycan Hökumətinin, Azərbaycan iqtidarının, cənab Prezidentin uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Mən Sosial siyasət komitəsini təmsil etdiyimdən sosial sahə ilə bağlı fikirlərimi söyləmək və bu sahəyə aid problemləri və təklifləri hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Pensiya təminatı sahəsində son illərdə çox böyük islahatlar aparılır. Həm pensiya təminatının, əmək pensiyalarının hüquqi bazasının möhkəmləndirilməsi, həm də sığorta-pensiya sisteminə keçirilməsi sahəsində görülən işlər günü-gündən yeniləşir, güclənir. Bu təşkilat Milli Məclislə olduqca sıx və səmərəli fəaliyyət göstərən qurumlardan biri kimi öz fəaliyyətini ildən-ilə yaxşılaşdırır. Bununla bərabər idarəetmə texnologiyası da yeniləşir. Ötən il sığortaya cəlb olunma hallarının yüksəlməsi, ümumiyyətlə, pensiyaların sığorta hissəsinin 20,8 faiz artması və bu artımın 765 mindən çox pensiyaçını əhatə etməsi bu sistemin uğurlarından xəbər verir. Ötən il orta aylıq pensiya artıq 100 manata çatmışdır ki, bu da orta aylıq əmək haqqının 34 faizini təşkil edir. Bizim hədəflərimizdən, eyni zamanda, Avropa Sosial Xartiyasının tələblərindən biri orta aylıq pensiyanın orta aylıq əmək haqqının 40 faizi həcminə çatdırılmasıdır ki, düşünürəm, hökumətimiz 2010-cu ildə bu işin öhdəsindən gəlməyə qadirdir.
Eyni zamanda, bu sahədə bir problem var və onu hörmətli Səlim müəllim dəfələrlə qaldırıb. Düşünürəm ki, bu problemin həlli təkcə Dövlət Sosial Müdafiə Fondunun imkanları ilə başa çatası bir iş deyildir. Məsələ bundadır ki, özəl sektorda sığorta ödənişlərindən yayınma halları vardır və bu, iki istiqamətdə təzahür edir. Birinci, işçiləri işə götürərkən onlarla əmək müqavilələri bağlanmır, onlar faktiki olaraq işçi sayılmır və sığorta ödənişləri həyata keçirilmir. Digər bir hal isə daha geniş yayılıb. İşçilərin əmək haqları olduqca cüzi məbləğdə, bəzən minimum əmək haqqı səviyyəsində göstərilir, amma onlara zərflərdə dəfələrlə artıq əmək haqqı verilir. Bu bir tərəfdən sosial sığorta ödənişinə ziyan gətirir, digər tərəfdən, işçinin özünün pensiyaya çıxarkən pensiya almaq imkanlarını məhdudlaşdırır. Düşünürəm ki, bu sahədə Nazirlər Kabineti səviyyəsində kompleks bir proqram hazırlanmalıdır və bu iş bütövlükdə həll olunmalıdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər etmək lazımdır ki, işçinin əmək haqqının olduğu kimi göstərilmədiyi hallar aşkar olunarsa, böyük cərimə sanksiyaları müəyyənləşdirilsin və onlar Dövlət Sosial Müdafiə Fonduna ödənilsin.
Sosial müdafiənin çox vacib bir sahəsi olan və 2005-ci ildən başlayaraq çox uğurla tətbiq olunan ünvanlı sosial yardım Azərbaycanda, demək olar ki, öz təsdiqini tapdı. Bu yardımın dövlət səviyyəsində uğurla həyata keçirilməsi aztəminatlı insanların sosial rifah halının yaxşılaşmasında çox böyük rol oynadı. Ötən il 145 minə yaxın ailənin, 650 mindən çox şəxsin ünvanlı dövlət sosial yardımı ilə əhatə olunması məhz dövlətin bu insanlara qayğısının ifadəsi kimi əhəmiyyətlidir. Dünya Bankının monitorinqinə görə Azərbaycanda ünvanlılıq prinsipi 90 faiz həyata keçirilir. Düşünürəm ki, bu həddə dayanmaq kifayət deyildir. Gələcəkdə əlaqədar təşkilatlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin sosial reabilitasiya proqramını hazırlamalıdır və bu proqram hökumət tərəfindən qəbul olunmalıdır. Bu proqram Azərbaycanda yoxsulluq həddinin aşağı salınmasına olduqca müsbət təsir göstərəcəkdir.
Son illərdə səhiyyə sahəsində olduqca böyük işlər görülür və Azərbaycan səhiyyəsinin siması, demək olar ki, dəyişilmişdir. Regionlarımızın, demək olar ki, hamısında və Bakı şəhərində çoxlu sayda müasir tələblər səviyyəsində və dünyanın ən aparıcı klinikaları ilə müqayisə olunacaq dərəcədə yeni avadanlıqlarla təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri tikilir. Həm özəl, həm də qeyri-özəl sektorda, eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən səhiyyə müəssisələrinin şəbəkələri genişləndirilir və heç şübhəsiz ki, əhalinin tibbi xidmətə olan ehtiyacı da yüksək səviyyədə ödənilir. Təkcə ötən il 60 belə yeni müəssisənin tikilməsi və təmir olunması dövlətin səhiyyə sahəsində əhaliyə diqqətinin yüksək səviyyədə olmasının ifadəsidir.
9 xüsusi sosial əhəmiyyətli xəstəliyin dövlət proqramları çərçivəsində yüksək səviyyədə maliyyələşdirilməsi və müalicə-profilaktika işlərinin yüksək səviyyədə aparılması da ölkəmizdə xüsusi əhəmiyyətli xəstəliklərin həm sayının azalmasına, həm də aşkarlanma işinin yüksəlməsinə gətirib çıxaran bir məsələdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəlməsi ilə yanaşı, idarəetmədə yeni prinsiplərin ortaya atılması və təkmilləşdirilməsi, eyni zamanda, kadr təminatı işinin yaxşılaşdırılması, xüsusilə müasir tibbi texnologiyadan baş çıxaran kadrların hazırlanması işi də yüksək səviyyədədir. Mənim məlumatıma görə, təkcə ötən il 1500-dən çox azərbaycanlı həkim və orta tibb işçisi dünyanın aparıcı klinikalarında belə təcrübələr keçmişlər.
Mən səhiyyə ilə bağlı problem saydığım bir neçə məsələni də burada qaldırmaq istəyirəm. Biz bu yaxınlarda Səhiyyə Nazirliyinin Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı ilə birgə ekologiya çərçivəsində keçirdiyi bir kampaniyada iştirak etdik. Maştağa qəsəbəsində yerləşən Respublika Ruhi-Əsəb Xəstəxanasında həm ağacəkmə kampaniyasında, həm də humanitar Novruz bayramı aksiyasında iştirak etdik. Məlum oldu ki, bu böyük bir xəstəxanadır və burada ölkənin hər yerindən olan ruhi xəstələr müalicə alırlar. Orada 2 mindən çox çarpayı vardır. Təəssüfləndirici bir hal odur ki, orada təxminən tam sosial əlaqələrini itirmiş 300-ə yaxın xəstə var. O şəxslərin adicə sənədləri də yoxdur. Biz baş həkimlə və səhiyyə nazirinin müavini ilə söhbət edəndə məlum oldu ki, bu insanların sənədlərini bərpa etmək, vermək Səhiyyə Nazirliyinin imkanları xaricindədir. Sosial əlaqələrini itirmiş insanların xəstəxanadan çıxandan sonra, sadəcə, getməyə yerləri yoxdur. Onların səs vermək üçün pasportları belə yoxdur. Bəzilərinin hətta yaş kağızı da yoxdur. Mən fürsətdən istifadə edib həm ədliyyə nazirindən, həm də daxili işlər nazirindən bu problemin həllinə köməklik göstərmələrini xahiş edərdim.
Digər bir məsələ. Şəkərli diabetlə bağlı problemin həlli üçün hökumətin tədbir görməsini istərdim. Son illərdə ölkədə şəkərli diabet xəstələrinin sayı artır, ancaq digər dövlət proqramı çərçivəsində maliyyələşən xəstələrdən fərqli olaraq onlara dərmanların paylanması yerli səviyyədə həyata keçiri-lir. Hətta rayonlar arasında adambaşına düşən vəsait fərqlidir. Təklif edərdim ki, bu vəsait mərkəzləşdirilmiş qaydada ayrılsın və Səhiyyə Nazirliyinin xətti ilə paylanılsın. Digər təkliflərimi isə yazılı şəkildə verəcəyəm. Hökumətin hesabatını və ötən ildəki fəaliyyətini yüksək qiymətləndirirəm, hökumətimizə və Prezidentimizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Bu gün biz çox geniş, əhatəli, dərin məzmunlu bir nitqə qulaq asdıq. Cənab Baş nazir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə gördüyü işlər haqqında çox əsaslandırılmış, ətraflı məlumat verdi. Buradan belə bir nəticəyə gəlmək olar ki, həqiqətən də, hökumət ötən il kifayət qədər yüksək səviyyədə öz işini görmüş və ölkənin iqtisadi inkişafında artım tempini stabil saxlamağa və bunu artan istiqamətə yönəltməyə nail olmuşdur. Hesabatda qeyd edildiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət qlobal böhranın gözlənilən fəsadlarını nəzərə alaraq aztəminatlı ailələrin sosial təminatını, ölkənin iqtisadi potensialını, sosial yönümlü büdcənin təmin edilməsi və eyni zamanda, onun investisiya yönümlü olmasını gücləndirmək üçün qabaqlayıcı tədbirlər görmüşdür.
2009-cu il dünyada çox dərin qlobal böhranla müşahidə edilmişdir və hər bir ölkənin iqtisadiyyatı bu böhrandan çox böyük əziyyət çəkmişdir. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən doğru, düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan bu qlobal böhrandan az itki ilə çıxmağı bacarmışdır. Hesabat nitqində deyilənləri nəzərə alsaq, şübhəsiz ki, başqa ölkələrlə ticarət dövriyyəsinin həmin ölkələrdə yaşanan iqtisadi böhran nəticəsində azalması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməmişdir.
Digər parametrlər üzrə götürdükdə Azərbaycanın bir müstəqil dövlət kimi həyata keçirdiyi iqtisadi, hüquqi islahatlar ona imkan vermişdir ki, iqtisadi inkişaf sahəsində dünyada liderliyi özündə saxlasın. Azərbaycan o dövlətlərdəndir ki, böhranla müşahidə olunan dünyada, əsasən, investisiya yönümlü büdcəni həyata keçirmiş və əhalinin sosial müdafiəsini gücləndirmişdir. Böhran dövründə əhalinin pul gəlirləri nəinki azalmış, əksinə, artmış və bazarda iqtisadi sabitlik müşahidə edilmişdir. İnflyasiyanın səviyyəsinin aşağı olması, bir sıra sahələrdə iqtisadi artım, Azərbaycan xalqının firavan həyatının təmin edilməsi Azərbaycanın təkcə bölgədə deyil, ümumiyyətlə, yaxın regionda güclü potensia-la malik lider dövlət olmasını bir daha sübut etdi.
Bu gün nəinki regionda, ümumiyyətlə, dünyada həyata keçirilən irimiqyaslı iqtisadi layihələrin uğurlu başa çatmasında Azərbaycan böyük rol oynayır. Bu yaxınlarda “Nabucco” və “Cənub axını” layihələri müzakirə edilərkən bir daha əmin olduq ki, Azərbaycan bu proseslərin həyata keçirilməsində ən doğru yolu tutmuşdur və Azərbaycan ən etibarlı tərəfdaşdır. Əgər buna düzgün yanaşılarsa, hesab edirəm ki, nəinki Cənubi Qafqazda, ümumiyyətlə, bütün regionda iqtisadi sabitliyə və iqtisadi yüksəlişə nail olmaq olar. Bir şərtlə ki, Azərbaycanın bu proseslərdə əsas tərəfdaş olduğuna verilən qiymət reallıqda da öz əksini tapsın. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətinin beynəlxalq miqyasda da həyata keçirdiyi siyasət öz müsbət nəticələrini verməkdədir. Bu da yüksək qiymətləndirilir. Bu baxımdan Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi tərəfdaşlarının sayı artır və Azərbaycan bu gün ən etibarlı tərəfdaş kimi qiymətləndirilir.
Şübhəsiz ki, bütün bunlar bizim üçün çox ağrılı olan Dağlıq Qarabağ probleminin həll edilməsinə də öz təsirini göstərməkdədir. Son vaxtlar danışıqlar daha da intensivləşmişdir. Burada da səsləndiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının iradəsini ifadə edərək tutduğu mövqe bütün xalq tərəfindən dəstəklənir. Artıq beynəlxalq ictimaiyyət də dərk etməkdədir ki, süni erməni soyqırımı iddiaları ilə yaşayan Ermənistanın qeyri-konstruktiv mövqeyinə həqiqi qiymətin verilməsi vaxtı çatmışdır. Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll edilməlidir, çünki bu təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avropada sülhün, əmin-amanlığın və stabilliyin təmin edilməsi üçün vacib şərtdir. Öz doğma torpağından qovulmuş insanlar o yerlərə qayıtmalıdır və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edilməlidir. Yalnız belə olan halda bölgədə və dünyada normal iqtisadi proseslərin gedişinə və sülhün birdəfəlik bərpa olunmasına nail olmaq olar.
Əlbəttə, hökumət bu dövr ərzində məcburi köçkünlərə diqqət və qayğını artırmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq ölkədə bir dənə də çadır şəhərciyi yoxdur, tamamilə yeni bir mühit yaradılmışdır. Məcburi köçkünlər ən müasir mənzillərlə təmin edilir. Bir qədər çətin şəraitdə yarımçıq tikililərdə, uşaq bağçalarında və sanatoriyalarda yaşayan məcburi köçkünlərimiz üçün də müasir, yeni tipli qəsəbələr salınır, çoxmərtəbəli binalar tikilir, onlar gözəl mənzillərlə təmin edilirlər. Əgər Azərbaycanın iqtisadi yüksəlişi olmasaydı, bütün bu işlər həyata keçirilə bilməzdi. Bunlar, əlbəttə, dövlət üçün çox böyük məsrəflərə başa gəlir. Bütün bunlar onu göstərir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət bilavasitə Azərbaycan xalqının sosial rifahının, güzəranının yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə, tənqid etmək asandır, amma dünyada gedən qlobal iqtisadi böhran şəraitində problemləri aşkar etmək və onların həllinə nail olmaq çox böyük fədakarlıqdır. Hesab edirəm ki, cənab Prezidentin yürütdüyü bu siyasəti hökumət və onun üzvləri çox uğurla həyata keçirə bilmişlər.
Təkcə bir faktı qeyd etmək istərdim ki, bu gün Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmişdir. İndi qarşımızda duran əsas vəzifə fermerlərimizin istehsal etdiyi məhsulları yüksək texnologiya əsasında dünya bazarlarına çıxarmaqdır. İllər öncə, əlbəttə, biz bu haqda heç fikirləşmirdik də. Amma aparılan uğurlu siyasətin nəticəsi onu göstərir ki, biz bütün işləri görmüşük və bundan sonra daha yüksək nəticələrə nail olacağıq.
Bu gün Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində dünyada lider ölkələrdən biridir və bunu bütün beynəlxalq qurumlar, ekspertlər təsdiq edirlər. Ona görə hesab edirəm ki, Azərbaycanda bu sahədə azad iqtisadi zonanın yaradılması istiqamətində hökumətin həyata keçirdiyi siyasət davam etdirilməlidir, çünki bu, Azərbaycan üçün çox böyük imkanlar açacaqdır. Təkcə bu iki fakt onu göstərir ki, Azərbaycan neftdən gələn gəlirlərini sərmayə şəklində öz iqtisadi inkişafına qoymaqla qeyri-neft sektorunun inkişafına nail olmuşdur. Ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş bu nailiyyətin 77,5 faizi qeyri-hökumət sektorunun üzərinə düşür. Eləcə də bütün bunları kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində əldə etmişik. Hesab edirəm ki, cənab Prezidentin qeyd etdiyi kimi, kiçik və orta sahibkarlığa bundan sonra da diqqət artırılmalıdır və iqtisadiyyatın bu yöndə inkişafı davam etdirilməlidir. Bu işlərdə zəhmət çəkmiş bütün insanlara, hökumət üzvlərinə təşəkkürümü bildirirəm və hamımıza uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf və sosial təminat strategiyası bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla icra olunur. Bunun nəticəsidir ki, qlobal maliyyə böhranı dünyanı bürüdüyü bir vaxtda ölkəmiz 2009-cu ildə yüksək iqtisadi artıma nail oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dünyanın əksər ölkələrində, o cümlədən MDB məkanında iqtisadi geriləmə qeydə alındığı halda ölkəmizdə ötən ilin nəticələrinə görə ümumi daxili məhsulun istehsalının artımı 9,3 faiz təşkil etmişdir. İqtisadi inkişaf ölkə əhalisinin sosial və maddi rifahını daha da yüksəldib, islahatları genişləndirib, sahibkarlıq sektorunu gücləndirib, kənd təsərrüfatı və sənaye məhsulları istehsalını artırıb.
2009-cu ildə sahibkarların mövqeyini daha da gücləndirən addım Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin gücləndirilməsi olmuşdur. Son illərdə bu qurumun işini tənzimləyən hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşıb. Dövlət büdcəsindən kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi ilbəil artır. Ötən il fondun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilib ki, bu da əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Bu kreditlər hesabına qeyri-neft sektorunda 90 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur obyektləri maliyyələşdirilib və bunların da, demək olar ki, hamısı regionların payına düşür.
Hesabatdan göründüyü kimi, əhalinin yaşayış səviyyəsi son illərdə olduğu kimi, 2009-cu ildə də Azərbaycan hökumətinin xüsusi diqqətində olmuşdur. Ötən ilin yekunlarına görə ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz olmuşdur ki, bu da 2004–2008-ci illərdə orta inflyasiya səviyyəsindən 10 dəfə azdır.
Qeyri-neft sektorunun əsas sahəsi olan aqrar bölmədə də böyük uğurlar qazanılmışdır. Kənd təsərrüfatı istehsalında artım 3,5 faiz təşkil etmişdir. İl ərzində regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına aid dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər, layihələr uğurla həyata keçirilmiş, fermerlərə dövlət dəstəyi tam şəkildə icra olunmuş, nəticədə bir çox kənd təsərrüfatı məhsulları istehsalında artım əldə edilmişdir. Ölkənin bitkiçilik tarixində ilk dəfə olaraq 3 milyon tona yaxın taxıl məhsulu toplanmış, əvvəlki illə müqayisədə 20 faiz artım qeydə alınmışdır. Bu, respublikanın ərzaq təhlükəsizliyi istiqamətində əldə edilmiş çox vacib uğurlardır.
Regionlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir Avropa texnologiyası əsasında çoxsaylı anbarlar, xüsusilə taxılın etibarlı saxlanması üçün elevatorlar inşa olunur. Belə bir vacib obyektin tikintisi deputatı olduğum Cəlilabad rayonunda nəzərdə tutulur.
Aqrar sahədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı aparılan işlərin nəticəsində, – möhtərəm Prezidentimiz dövlət proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində qeyd etdiyi kimi, – ölkəmiz bu gün özünü əsas ərzaq məhsulları ilə xeyli dərəcədə təmin edir. Bu göstərici dənli bitkilər üzrə 76 faiz, ət üzrə 94 faiz, quş əti üzrə 74 faiz, kərə yağı üzrə 83 faiz, süd məhsulları üzrə 94 faiz, meyvə üzrə 150 faiz, tərəvəz üzrə 127 faiz olmuşdur. Cənab Prezident düzgün olaraq qeyd etmişdir ki, Azərbaycanın heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmamışdır.
Hesabat ilində hökumətin apardığı uğurlu sosial siyasət nəticəsində ölkə əhalisinin maddi rifahının yaxşılaşması, ünvanlı dövlət sosial yardımlarının davam etdirilməsi, dövlətin öz üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirməsi yoxsulluğun azalmasına öz təsirini göstərmişdir. 2009-cu ildə iqtisadiyyatda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 8,6 faiz artaraq 298 manata çatmışdır. Yoxsulluq səviyyəsi 2,2 bənd aşağı enərək 11 faiz təşkil etmişdir. Qlobal maliyyə böhranı zamanında bunlar çox yaxşı göstəricilərdir.
Çıxışımı yekunlaşdıraraq qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin hesabatı yüksək səviyyədə hazırlanmışdır və 2009-cu ildə hökumətin gördüyü bütün işləri tam əhatə edir. Bütövlükdə Nazirlər Kabinetinin hesabatını məqbul hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli Artur müəllim, hörmətli hökumət üzvləri və qonaqlar! Hökumətin bugünkü hesabatı əvvəlki hesabatlardan bir neçə özəlliyi ilə fərqlənir. Birinci özəllik onun formasıdır. Bu gün bizə təqdim olunan sənədlər yüksək səviyyədə təhlil xarakteri daşımış və burada əvvəlki illərdən fərqli olaraq rəqəmlər daha qabarıq, daha müqayisəli şəkildə deputatlara çatdırılmışdır. İkinci ciddi özəllik ondan ibarətdir ki, bu hesabat dünyada qlobal böhranın tüğyan etdiyi 2009-cu ilin hesabatıdır. Üçüncü özəlliyi ondan ibarətdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, 2009-cu il Azərbaycanda iqtisadi sahədə keçidin bitməsi ilə əlamətdar olan bir ildir. Mən hesab edirəm ki, bu göstərici də təqdim olunmuş hesabatın özəlliklərindən biridir.
Digər bir məsələ özünü bütün hesabat boyu qabarıq şəkildə göstərib. Bu da ondan ibarətdir ki, İlham Əliyev dövlət quruculuğu modelinin xüsusi elementləri burada öz əksini tapıb. Mən onların bəzilərini xüsusi vurğulamaq istəyirəm. Bu, ölkədə regional idarəetmənin tətbiq olunmasıdır. İkinci ciddi məsələ və özəllik ondan ibarətdir ki, Azərbaycan artıq bir neçə ildir, bir sıra prioritet sahələri proqramlarla idarə edir. Bu isə həm maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasına, həm də ölkədə həmin prioritetlərin müəyyənləşdirilməsinə xidmət edir. Üçüncü və hesab edirəm, ən önəmli məsələ ondan ibarətdir ki, hökumətin hesabatından da göründüyü kimi, İlham Əliyev dövlət quruculuğunda nəticə ilə deyil, səbəblə mübarizə ön plana çəkilib. Biz uzun müddət fəsadlarla, narahat məqamlarla mübarizə aparırdıq. İndi isə istiqamət ona yönəlib ki, bu fəsadlar, nöqsanlar baş verməsin. Səbəblə mübarizə aparanda uğurlar daha çox olur.
İlham Əliyev dövlət quruculuğunun başlıca xətti xalqa xidmət, onun sosial rifahını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirməkdir. Mən bütün hesabat boyu bunu hiss elədim. Bu, rəqəmlərdə də öz əksini tapıb. Mən bir neçə rəqəmi xüsusilə qeyd eləmək istəyirəm. Ötən il sosial məqsədlərə 2,8 milyard manat vəsait xərclənib. Bu özü böyük rəqəmdir. Amma əvvəlki illə müqayisədə bu rəqəm daha böyükdür. Dünyada qlobal böhran proseslərinin davam etməsinə baxmayaraq, Azərbaycan dövlətində sosial məqsədlərə yenə də böyük məbləğdə vəsait ayrılıb.
Digər rəqəmlər. Yoxsulluq həddi 11 faizə enib, orta əmək haqqı təxminən 300 manata çatır. Ölkədə 74 min iş yeri yaradılıb. Kiçik sahibkarlığa maliyyə vəsaitlərinin ayrılması Azərbaycanın regionlarında yeni iş yerlərinin yaranmasına da təkan verib.
Bu gün aztəminatlı əhalinin təxminən 660 min nəfərinə ünvanlı sosial yardım verilir. Mən xüsusi vurğulamaq istəyirəm ki, hökumətin sosial müdafiə qolu sözün əsl mənasında fədakar bir işlə məşğuldur. Sosial müdafiə qolunda hökumətin işçiləri xalqla bilavasitə üzbəüz qalan insanlardır. Biz bəzən bunu yaddan çıxarırıq. Sosial müdafiə sistemində işləyən nazirlikləri yeri düşdü-düşmədi, haqq-nahaq bəzən mətbuat səhifələrində tənqid edirlər. Biz özümüz də onların ünvanına bəzən yerli-yersiz nöqsanlar deyirik.
Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işini xüsusilə qeyd etmək istəyirəm. Mən demək istəyirəm ki, bu sistemdə bu gün ciddi islahatlar gedir və o islahatlar uğurla aparılır. Xüsusi vurğulamaq istəyirəm ki, MDB məkanında əlillərə mənzil verən qurum bu gün Azərbaycanda bu sistemdir. Dünyanın digər ölkələrindən fərqli olaraq Azərbaycanda əlillərə maşın paylanır və onu da bu qurum edir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il gördüyü işi təqdirəlayiq hesab edirəm.
Digər bir sahədə, Azərbaycan səhiyyəsində inanın ki, bu gün intibah yaşanır. Səhiyyədə gedən modernləşmə, səhiyyənin maddi-texniki bazası bizim intellekti qabaqlayıb. Əlbəttə, səhiyyə sistemindəki islahatlar dünyəvi islahatlardır və bu bizi sevindirir.
Mən qaçqınlar problemi ilə bağlı bir məsələni qeyd etmək istəyirəm. Siz görürsünüz ki, Prezidentimizin qayğısı və o sistemin önəmli fəaliyyəti nəticəsində qaçqınlar üçün mənzillər tikilir, onların şəraiti yaxşılaşdırılır. Amma bununla bərabər daim vurğulanır ki, bu adamlar öz doğma yurdlarına qayıdacaqlar. Ona görə biz düşünürük ki, müvafiq icra orqanları ilə birlikdə Repotriasiya qanunu üzərində işləməli və orada xüsusi vurğulamalıyıq ki, Bakıda, şəhərdə gözəl mənzildə yaşayan qaçqınla kənddə yaşayan qaçqın arasında fərq qoyulmalıdır. Yəni şəhərdə yaşayana, ola bilər, biz hansısa yardımı verməyək, amma kənddə ağır şəraitdə yaşayan qaçqına bir az da artıq yardım edək. Düşünürəm ki, burada bizim əməkdaşlığımızın yeri var.
Pensiya-sığorta sistemi haqqında bayaq deyildi. Mən burada bir şeyi vurğulamaq istəyirəm. Bu gün Azərbaycanda pensiya-sığorta sistemi məmur iştirakını ən çox azaldan sistemlərdən biridir. İnsanla məmurun üzbəüz qalmağı, demək olar ki, sıfıra yaxınlaşır. Pul bankomatlarla ödənilir. İndi pensiyaya çıxan adam öz pensiyasını hesablamaq imkanı əldə edib. Bu, əlbəttə, hökumətin ən önəmli işlərindən biridir.
Ötən il uşaq ili elan olunmuşdu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bununla bağlı vəsaitlər ayrıldı, o sistemdə strukturlaşma getdi, çox böyük işlər görüldü və deyərdim ki, bu işlər bu gün də davam edir.
Gənclər və İdman Nazirliyi ilə bağlı mən bir şeyi vurğulamaq istəyirəm. Bu sahədə həm təbliğat, həm də təşkilati işlərdə modernləşmə getməlidir. Bu gün Gənclər və İdman Nazirliyi modern bir sistem qurub. Həm idarəetmənin, həm təbliğatın, həm də təşkilatlanmanın modern sistemi qurulub. Bu, hesab edirəm ki, hökumətin uğurlarından biridir.
Mən tənqidi məsələləri bəzi tənqid həvəskarlarından daha çox bilirəm. Qeyri-konstruktiv tənqid məndə həmişə təəssüf hissi doğurur. Bəzən görürsən ki, populizm xatirinə arqumentsiz tənqid edirlər. Belə qeyri-konstruktiv tənqidlərdən birini istəyirəm vurğulayam, özü də bunu tez-tez eşidirsiniz. Məsələn, deyirlər ki, gəlin biz kimə yardım edirik, onun adını yazaq, vuraq siyahıya, bütün ölkəyə çatdıraq ki, filankəs kasıbdır, filankəs əlildir, filankəsə biz pul veririk. Dində, şəriətdə deyilir ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Millətin mentaliteti var. Biz burada qışqırırıq ki, gəlin o siyahını dərc edək, kimə pul veririk onu deyək. Bu çox gülünc bir şeydir.
Mən hesab edirəm, biz hökumətin fəaliyyətində gördüyümüz müəyyən nöqsanları qeyd eləməklə yanaşı, vurğulamalıyıq ki, hökumət sözün əsl mənasında, ağır ildə, böhran ilində uğurla işləyib, yüksək göstəricilər əldə edib. Mən vaxtı alıb o uğurlardan çox danışmaq istəmirəm. Hesab edirəm ki, parlament–hökumət əməkdaşlığının yeni yolları, yeni istiqamətləri var və biz parlament–hökumət əməkdaşlığını bir az da inkişaf etdirməliyik. Mənim çalışdığım nazirliklərlə əməkdaşlıq çox yüksək səviyyədədir. Biz qanun hazırlayanda bir-birimizə kömək etməli, elə qanunlar hazırlamalıyıq ki, hökumətin fəaliyyətinə dəstək olsun, kömək olsun. Ona görə bizim əməkdaşlığımıza böyük ehtiyac var. Mən düşünürəm ki, bu əməkdaşlıq gələn illərdə daha intensiv xarakter alacaq. Mən hökumətin fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, ötən il hökumət yaxşı işləyib. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən çıxışa başlamamışdan qabaq istərdim ölkə başçımız başda olmaqla Azərbaycan xalqına uğurlar, əmin-amanlıq, səadət arzulayım.
Bizə təqdim olunan hesabatdan, eləcə də hörmətli Baş nazir Artur müəllimin verdiyi geniş məlumatdan və il ərzində apardığımız müşavirələrdən məlum olur ki, dünya ölkələrinin əksəriyyətində qlobal iqtisadi və maliyyə böhranı ilə əlaqədar ümumi daxili məhsulun həcmi azaldığı halda Azərbaycan Respublikasında 2009-cu ildə 2008-ci ilə nisbətən 49,3 faiz artım əldə olunmuşdur. Bu artım həm məhsullarda, həm də xidmət sahəsində müşahidə edilmişdir ki, bu da mövcud dünya sosial-iqtisadi inkişaf strategiyasına tam uyğundur. Qlobal maliyyə böhranına baxmayaraq, 2009-cu ildə ölkəmizin iqtisadi və sosial sahədə inkişafı üçün əsas kapitala böyük həcmdə investisiya yönəlmiş, onun 80 faizi daxili investisiyalar hesabına təmin olunmuşdur. Bu da bir daha onu sübut edir ki, Azərbaycan Respublikası xarici kapitaldan asılı deyil və sözün əsl mənasında müstəqil dövlətdir.
Respublikanın büdcəsi investisiya tutumlu olmaqla yanaşı, həm də sosial yönümlüdür. Hökumət bu məsələyə ildən-ilə daha çox diqqət yetirir. Belə ki, 2009-cu ildə sosial yönümlü tədbirlərə dövlət hesabından 2,8 milyard manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci ilə nisbətən 450 milyon və yaxud 19,5 faiz çoxdur. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı elə bir mərhələyə çatmışdır ki, artıq insan amili əsas prioritet kimi göstərilir və sosial xərclərin həcmi ildən-ilə artır.
Keçid iqtisadiyyatı dövrünü başa çatdıran ölkəmizdə iqtisadiyyatımızın əsas sahələrindən biri olan aqrar-sənaye kompleksi 2009-cu ildə uğurlu nəticələr əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı islahatların, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair dövlət proqramının, müvafiq fərman, sərəncam və qərarların həyata keçirilməsi sayəsində aqrar-sənaye kompleksi keçən ili əsas istiqamətlər üzrə yüksək göstəricilərlə başa vurmuşdur.
2009-cu ildə kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi davam etdirilmişdir. İstehsalçılara istifadə etdikləri yanacaq, motor yağı, mineral gübrələrin dəyərinin ödənilməsi üçün dövlət büdcəsindən 84,8 milyon manat vəsait ayrılmışdır. Toxum satan təsərrüfatlara 4,6 milyon manat subsidiya verilmişdir. Aqrar sektora dövlət qayğısı artırılmış, fermerlərə kreditlərin verilməsi, lizinq xidmətlərinin göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün 2009-cu ildə büdcədə nəzərdə tutulan vəsaitlərin ayrılması təmin edilmişdir.
Prezidentin imzaladığı fərmana əsasən 2008–2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrası üçün tədbirlər müəyyənləşdirilmiş və maliyyələşdirilmişdir. 2009-cu ildə dövlət büdcəsindən 22,7 milyon manat vəsait ayrılmışdır. Dünyada davam edən iqtisadi böhrana baxmayaraq, keçən ildən kənd təsərrüfatı məhsullarının saxlanması üçün bir neçə yeni soyuducu anbar, emal sənayesi müəssisələri tikilib istifadəyə verilmişdir. Hökumətin həyata keçirdiyi bir çox tədbirlər nəticəsində 2009-cu ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, bu məhsulların emalı və yeyinti məhsullarının istehsalında da artım əldə edilmişdir. Məlumatların təhlili göstərir ki, əksər qida məhsulları istehsalı artmış və əhalinin istehlakında olan bəzi yeyinti məhsullarının xüsusi çəkisi azalmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin ərzaq təminatının yaxşılaşdırılmasında mühüm əhəmiyyəti olan meliorasiya və irriqasiya tədbirlərinin vaxtında həyata keçirilməsi hökumətin diqqət mərkəzində olmuşdur. Belə ki, irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarı, təmiri və meliorasiya işinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildə dövlət büdcəsindən 199 milyon manat vəsait xərclənmişdir ki, bu da 2008-ci ilə nisbətən 44 milyon manat çoxdur.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti son illərdə dövlət büdcəsi vəsaiti hesabına özəl sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, həm də özünün bölgələrdə yaratdığı 55 aqroservis filialının 107 mexanikləşdirilmiş dəstəsi vasitəsilə keçən il istehsalçıların sifarişləri əsasında illik kənd təsərrüfatı işlərinin 25–50 faizi həcmində müxtəlif işlər yerinə yetirmişdir.
Ölkəmizdə aqrar sektorun gələcək inkişafının təmin edilməsi, rəqabətə davamlı məhsulların istehsal olunması və bu sahədə ümumi daxili məhsulun payının artırılması üçün hökumətin diqqətini aşağıdakı məsələlərə cəlb etmək istərdim.
Birinci, hazırda mövcud olan xırda təsərrüfatlarda növbəli əkin sistemini tətbiq etmək mümkün olmadığından sənaye və tikinti istehsalı kənd təsərrüfatına yararlı, xüsusən əkin torpaqlarının tənəzzülünə səbəb olmuşdur. Ona görə də hesab edirəm ki, hökumət bu torpaqların monitorinqini təşkil etməli, az məhsuldar və yararsız torpaqları tədricən konversasiya edərək onların yaxşılaşması üçün ardıcıl tədbirlər görməlidir. Yaxşı olar ki, Nazirlər Kabineti torpaqların keyfiyyəti və onlardan istifadə barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi hesabatları əlaqədar təşkilatların iştirakı ilə müzakirə edib müvafiq qərar qəbul etsin. Torpaqlarımıza olan münasibət kökündən dəyişməlidir. Bu məsələdə çox ciddi qayda yaradılmasa, gələcəkdə acı nəticələrlə üzləşə bilərik.
İkinci, məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas məhsullardan biri bitki yağlarıdır. Lakin bu məhsula tələbatın 76 faizi idxal hesabına ödənilir. Bitki yağlarının çoxu genetik modifikasiya olunmuş qarğıdalı və digər bitkilərdən alınır. Təəssüflə qeyd etmək istəyirəm ki, respublikanın bir çox bölgələrində qədimdən becərilən, özünün yüksək keyfiyyəti ilə fərqlənən və yağ istehsalı üçün əvəzsiz məhsul olan zeytunun becərilməsi özbaşına buraxılmışdır. Siz bilirsiniz ki, Abşeronda, Azərbaycanın əksər yerlərində zeytun məhsulu bitir. Xalq uzun illər bundan istifadə etmişdir. Vaxtilə hətta parklarda da zeytun ağacları çox əkilərdi. Lakin son zamanlar baxımsızlıq üzündən bu ağacların əksəriyyəti quruyub və kökü kəsilmək üzrədir. Hazırda respublikada ağacəkmə kampaniyası həyata keçirilir. Yaxşı olardı ki, həmin ağacların bir hissəsi zeytunla əvəzlənib yeni bağlar, parklar salınaydı.
Üçüncü, mən “Arıçılıq haqqında” Qanuna uyğun olaraq arıçılığın inkişafına dair dövlət proqramının təsdiqinin tezləşdirilməsini hökumətdən xahiş edərdim.
Mən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il fəaliyyətini qənaətbəxş hesab edir və deputat həmkarlarımdan onu dəstəkləməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli hökumət üzvləri, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən elə hesab edirəm ki, bizim dövlətin, xalqın, cəmiyyətimizin bir nömrəli probleminin Qarabağ problemi olduğunu heç kəs inkar etməz. Lakin hökumətin növbəti dəfə rekord həcmdə, yəni 460 səhifədə təqdim elədiyi bu hesabatda Qarabağ məsələsinə həsr olunmuş bir bölmə, paraqraf, hissə belə yoxdur. Bu hesabatda təxminən 1 milyon 200 min söz var. Mən burada çox axtardım, “Qarabağ” sözünə rast gəlmədim, – hörmətli Baş nazir, deyəsən, “Qarabağ əlilləri” ifadəsini işlətdi, ola bilsin, o ifadə var, – təkcə buna görə bu hesabata etimadsızlıq göstərilməsi kifayətdir. Qarabağ məsələsində özünün xətti, təklifi, strategiyası, bu məsələ barədə hesabat verməyə sözü olmayan bir Nazirlər Kabinetinin, bir hökumətin Azərbaycan kimi müharibə aparan bir dövlətdə hökumətlik etməyə haqqı yoxdur. Təkcə buna görə istefaya getməlidir.
Burada uğurlardan danışıldı. Bilirsiniz, mən xatırlayıram, vaxtilə sabiq deputatlardan biri rəqəm nağılından danışmışdı. Biz burada açıq-aydın rəqəm fokusunu görürük. Xahiş edirəm, hesabatın 10-cu səhifəsinə baxasınız. 2008-ci ildə ümumi daxili məhsul təxminən 40 milyard, 2009-cu ildə 34 milyard olub. Göstərilir ki, 9,3 milyard artım əldə olunub. İqtisadçılar bilirlər, nəyin hesabına bu rəqəmi artırıblar. Bilirsiniz ki, keçən il 40 milyon, bu il isə 50 milyon ton neft, bir milyarddan bir qədər artıq qaz istehsal olunub. Bunun qiymətini keçən ilin, yəni 2008-ci ilin real qiymətləri ilə hesablayıblar və bu cür fokus göstərərək bizə artım haqqında hesabat veriblər. Halbuki 2008-ci ilin hesabatında bu həmin ilin nominal qiymətləri ilə hesablanırdı.
Bu “uğur”un başqa bir rəqəminə də diqqətinizi cəlb edirəm. Azərbaycanda bu il xarici ticarət dövriyyəsi 54 milyard manatdan 20 milyard manata qədər azalıb. Təxminən 2,7 dəfə azalma baş verib. Bu, analoqu olmayan bir tənəzzüldür. Azərbaycan ixracatı 3,2 dəfə azalıb, yəni təxminən 47 milyarddan 14 milyarda düşüb. Bir daha təkrar edirəm, bu, analoqu olmayan, cəmi bir neçə ölkədə baş verən məsələdir. Bu, böhranla bağlı deyil, hörmətli deputatlar, bu, neftdən asılılıqla bağlıdır. Hətta dünyada böhran baş verməsə belə, neftin qiymətindəki bu cür güclü rəqslərin Azərbaycan iqtisadiyyatı üçün hansı fəlakətli nəticələrə gətirib çıxara biləcəyini bu dediyim faktlar aydın göstərir.
Kənd təsərrüfatı sahəsində kartofdan başqa digər məhsulların istehsalında azalma müşahidə olunmasına baxmayaraq, 3 faizdən bir qədər artıq artımdan danışırlar. Burada da əgər statistika rəqəmlərinə baxsanız, görərsiniz ki, bu artım, əsasən, dənli bitkilərin, xüsusən taxıl bitkilərinin guya bir milyondan artıq artımı hesabına baş verib. Halbuki Maliyyə Nazirliyinin apardığı yoxlamaların mətbuatda dərc olunmuş nəticələri bu taxıl artımının da fiksiya olduğunu, dövlət büdcəsindən ayrılan çox yüksək məbləğdə vəsaitin bir sıra hallarda kütləvi şəkildə mənimsənildiyini göstərir. Baş prokurorluq hazırda bununla bağlı cinayət işləri açmışdır. Beləliklə, ən azı bu statistika rəqəmlərinin də, əslində, saxta olduğu sübut olunmaqdadır. Azərbaycan 2009-cu ildə bir milyon ton buğda ixrac etmişdir.
Mən burada çox əlamətdar bir rəqəmi də sizin nəzərinizə çatdırmaq istərdim. Azərbaycan vətəndaşı bu gün orta hesabla 1985-ci ildə yediyi ətin yalnız 85 faizi qədər ət yeyir, 4 dəfə isə artıq kartof yeyir. Bu nə cür statistikadır? 4 dəfə artıq kartof yeyir. Bunu obrazlı ifadə etsək, deyə bilərik ki, bu hökumətin siyasəti nəticəsində Azərbaycan ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilmişdir. Başqa sahələrdə də mən xeyli miqdarda belə rəqəmlər gətirə bilərəm.
Konkret sosial sahəyə diqqətinizi cəlb edirəm. Göstərilir ki, bizdə cəmisi 11 faiz yoxsulluq vardır. İşsizlik isə ondan da azdır. Azərbaycanda rəsmi qaydada cəmi 45 min işsiz qeydə alınmışdır. Lakin yenə həmin hesabatın 69-cu səhifəsinə baxın. Həmin səhifədə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən və büdcədənkənar mənbələrdən daxil olan rəqəmlər göstərilmişdir. Səhv etmirəmsə, burada təxminən 165 milyon manat azalma baş vermişdir. Hesabatda göstərilir ki, bu azalma, yəni birində 25 min, o birində isə təxminən 176 min işçinin azalması optimal işçi qüvvəsindən istifadə etmək məqsədi ilə aparılan ixtisarlarla bağlıdır. Bu, ölkədə işlə təminat haqqında elə hesabatdakı rəqəmlərin təhlili nəticəsində dolayısı yolla əldə olunan məlumatdır. Halbuki guya bizdə yoxsulluq səviyyəsi hətta Amerika Birləşmiş Ştatlarındakından da aşağıdır, işsizlik səviyyəsinə görə dünyada ən aşağı yerdəyik və sair.
Bir daha təkrar edirəm, dünya, həqiqətən, böhran içindədir. Azərbaycan inkişaf etməkdə olan ölkədir. Bu cür saxtakarlıq, bu rəqəm fokusu, bu şişirtmə rəqəmlər kimə lazımdır, kimi aldadırıq, kimi ələ salırıq? Əlbəttə, müəyyən irəliləyişlər vardır. Heç kəs bunu inkar etmir. Amma bir daha təkrar edirəm, mənfi mənada şərqlilərə xas olan bu cür nağılvarı hesabatlarla biz ancaq özümüzə hörmətsizlik gətiririk.
Hörmətli deputatlar, diqqət edin, ən aşağı səviyyədə maliyyələşən və investisiyaya daha çox ehtiyacı olan iki sahəyə – səhiyyəyə və təhsilə ayrılan büdcə vəsaiti müvafiq olaraq 21 və 15 faiz xərclənməyibdir. Bizim iqtisadçılar hesablamalar apardılar və məlum oldu ki, bu vəsaiti biz əməkhaqqına çevirsək, hər bir səhiyyə işçisinin 85 manat, hər bir təhsil işçisinin isə 52 manat aylıq əməkhaqqını artırmaq mümkündür. Ayrılan büdcə vəsaitinin bu ixtisarları niyə məhz təhsildə və səhiyyədə baş verir? Məgər bu sahələrdə çox böyük bir inkişafmı getmişdir? Bunun səbəbi korrupsiya yönümlü sahələrə ayrılmış vəsaitin daha çox xərclənməsidir.
Çox dəhşətli bir faktı da nəzərinizə çatdırım. Keçənilki büdcə ilə bağlı investisiya xərcləri haqqında sənədlər üzə çıxdıqda məlum oldu ki, investisiya məqsədi ilə ayrılan vəsaitin 70 faizi proqramsız xərclənib. Bu, “Dövlət büdcəsi haqqında” Qanunun, “Dövlət satınalmaları haqqında” Qanunun cinayətkarcasına, kobud şəkildə pozulmasıdır. Məsələn, keçən il, deyək ki, Muğam evinə 20 milyon manat pul ayrılıb. Halbuki Muğam evi 2008-ci ildə işə salınıbdır. Heydər Əliyev Fondunun təmiri 2008-ci ildə başa çatıbdır. Tikintisi 2008-ci ildə başa çatmış bir sıra körpülərin, qovşaqların, digər obyektlərin inşasına keçən ilin büdcəsi hesabına vəsait ayrılıb. İndi ona görə də bu ilin investisiya xərcləri haqqında Nazirlər Kabinetinin məlum qərarını pisləyiblər.
Hörmətli hökumət, mən keçənilki hesabat zamanı da demişdim, bu gün də təkrar edirəm. Sizə qarşı ən ciddi ittihamımız dünyada ən korrupsioner hökumət olmağınızdır. Siz faktiki olaraq başdan-ayağa oliqarxlardan ibarətsiniz və yaxud oliqarxlara xidmət edirsiniz. Azərbaycanın bir nömrəli problemi olan hakimiyyətlər bölgüsü məsələsinə qayıtsaq, iqtisadi hakimiyyətlə siyasi hakimiyyəti bir-birindən ayırmaq lazımdır. Mən dövlət başçısına təklif edərdim ki, bu islahatı aparmağa qadirdirsə, ən əvvəl həmin oliqarxları, onların lobbilərini hakimiyyətdən uzaqlaşdırsın. Biznes təfəkkürlü, kommersiya təfəkkürlü insanları biznesə, kommersiyaya göndərsin, dövlətçilik təfəkkürü olan insanları isə hətta öz komandasından, Yeni Azərbaycan Partiyasından və sairdən dövlət idarəçiliyinə gətirsin. Əks təqdirdə biz çox biabırçı, rüsvayçı, bütün dünyada bizi biabır edən faktlarla razılaşmayacağıq.
Biz hesab edirik ki, bu gün hökumətin hesabatında Azərbaycanın dövlət başçısının xaricdəki mülkiyyətləri və gizli biznes strukturları haqqında bütün dünyada müzakirə olunan, Azərbaycan müxalifəti tərəfindən də ciddi şəkildə səsləndirilən, ölkə və dünya mediasında işıqlandırılan məlumat barədə də burada deputatlara və cəmiyyətə Azərbaycanın rəsmi şəxsləri tərəfindən açıqlama veriləcəkdir. Azərbaycan müxalifətinin nümayəndəsi olaraq, demokratiya yolunda islahatların tərəfdarı olan siyasi partiyaların burada təmsilçisi olaraq, Müsavat Partiyasının və Müsavat deputat qrupunun və şəxsən özümün siyasi mövqeyimi ifadə edərək bildirirəm ki, dövlət başçısı, Prezident hörmətli İlham Əliyev bu barədə verilən məlumatlara aydınlıq gətirməli və yaxud buna aydınlıq gətirməzsə, 2008-ci ildə seçilməsinə baxmayaraq, istefa üzərində düşünməlidir. Biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirib, tələblərimizi ortalığa qoyacağıq. Təşəkkür edirəm. Sonunda hörmətli hökumət üzvləri də daxil olmaqla hamınızın Novruz bayramını təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Ay Pənah Hüseyn, sən çıxışında çox alovlu danışırsan, amma rəqəmlərdən başın çıxmır, özün dediyin kimi, janqlyorluq etməyi bacarmırsan. Yəqin, səni iqtisadiyyat institutuna göndərməliyik ki, bir az janqlyorluq da bacarasan. Bu bir, ikinci, dövlət başçısına ünvanlanan hər bir gədə sözünə dövlət başçısı fikir vermir. Dövlət başçısının apardığı siyasət Azərbaycan xalqının gözü qarşısındadır. Azərbaycan xalqı da, Azərbaycan parlamenti də, dövlət də həmişə Prezidenti dəstəkləyib, dəstəkləyəcək də. Çox təəssüflər olsun ki, Milli Məclisdə belə cılız söz-söhbətlər də səsləndirilir. Mən buna təəssüf edirəm. Həqiqətən, çox təəssüf. Sən həmişə partiya adından danışırsan. Heç olmasa, bir dəfə də öz adından danış. Milli Məclisdə hökumətin hesabatıdır. Mən əvvəldən dedim ki, səviyyə ilə, sanballı danışın. Çox səviyyəsiz danışıqlara yol verirsiniz. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Cənab Baş nazir, hörmətli hökumət üzvləri, qonaqlar, millət vəkilləri, media nümayəndələri! Mən də hökumətin hesabatı ilə bağlı bir neçə məqama diqqətinizi yönəltmək və çıxışımı deputat həmkarım Pənah bəyin qaldırdığı bir məsələ ilə başlamaq istəyirəm. Pənah bəy haqlı olaraq söylədi ki, hökumətin hesabatında Dağlıq Qarabağla bağlı məsələ öz əksini tapmır. Biz dəfələrlə burada məsələ qaldırmışıq ki, xarici işlər naziri də, güc strukturlarının rəhbərləri də, müdafiə naziri də hökumətin üzvüdür. Hər dəfə xahiş etmişik ki, hökumətin hesabatı zamanı onlar da Milli Məclisə gəlsinlər və onlara yönələ biləcək suallara cavab versinlər. Çox təəssüf ki, bu gün də onlar bu iclasa qatılmayıblar.
Mən diqqətinizi bu hesabatla bağlı bəzi məsələlərə yönəltməmişdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bizim partiyanın dünən də bir bəyanatı olub. Biz çox təəssüflə qeyd etmişik ki, bu gün Azərbaycana çox böyük təzyiqlər yönəlib. Bu təzyiqlərin başında Amerika Birləşmiş Ştatları dayanır. Məqsəd isə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməkdir. Bu təzyiqlər çox müxtəlif xarakterlidir. İndiyə qədər görünməmiş səviyyədə Azərbaycanda insan hüquqları ilə, korrupsiya ilə bağlı məsələlər qaldırılır. Mən keçən dəfə də parlamentin iclasında məsələ qaldırdım ki, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycana səfir təyin olunmur. Bu da dost münasibətindən uzaq bir münasibətin ifadəsidir. Çox təəssüf ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana təzyiq xarakteri daşıyan bu çirkin oyunlarında bizim Müsavat Partiyası da, Azadlıq Bloku da yer alıbdır. Pənah bəy bir tərəfdən Qarabağ məsələsindən danışır, digər tərəfdən isə həmin çirkin oyunun iştirakçısına çevrilir və dolayısı ilə bu məsələdə həmin qüvvələrə xidmət etmiş olur.
Hər şeyin öz vaxtı var. Hesab edirəm ki, vaxtı gələndə bəzi məsələlərə aydınlıq gələcək. Amma Azərbaycanda uşaqdan böyüyə hamı bilir ki, bu gün Amerika Birləşmiş Ştatları bu məsələləri heç də Azərbaycanda demokratik cəmiyyət quruculuğu üçün qaldırmır və bu, Azərbaycan Prezidentinin Barak Obamanın dəvətindən imtina etməsi ilə bağlıdır, Türkiyə–Ermənistan sərhədlərinin açılması üçün Türkiyəyə edilən təzyiqlərə Amerika Birləşmiş Ştatlarının dəstək verməsi ilə bağlıdır, Azərbaycanın qətiyyətlə buna qarşı çıxması ilə bağlıdır.
İndi isə mən bu hesabatla bağlı bir neçə məsələ barədə fikrimi bildirmək istəyirəm. Müdafiə nazirinin burada iştirak etmədiyinə baxmayaraq, müharibə vəziyyətində olduğumuzu nəzərə alaraq mən hökumət üzvlərinin və Baş nazirin diqqətinə çatdırmaq istəyirəm ki, orduda son vaxtlar əsgərlərə qarşı cinsi təcavüz, zorlama aktları, ölüm halları xeyli dərəcədə artıb. Bu, Nazirlər Kabinetində müzakirə olunubmu? Bunun aradan qaldırılması, cəzanın sərtləşdirilməsi, yaxud bu cinayətlərin törədilməsinə rəvac verən səbəb və şəraitin aradan qaldırılması istiqamətində hansısa addımlar atılırmı? Yoxsa elə cinayət baş verəndən sonra həmin şəxsləri tutur, cəzalandırırlar? Özü də bu cür cinayətlər çox vaxt latent cinayətlərdir və ona görə də onların böyük bir qismi hələ üstüörtülü qalır. Bu da qeyd etdiyim kimi, həm valideynlər, həm də ictimaiyyət arasında geniş narazılıq doğurur.
Digər bir məsələ, Qarabağ məsələsi ilə bağlı dünən bizim xarici işlər naziri açıqlama verdi və orada söylədi ki, Laçından bir dəhliz olacaq. Əgər Azərbaycan hökuməti Madrid prinsiplərinə razılıq veribsə, bu prinsiplər ən azı mətbuatda dərc olunmalı və Azərbaycan xalqı bilməlidir ki, Azərbaycan hökuməti nəyə razılıq verib. Əgər Laçından dəhliz veriləcəksə, Naxçıvandan da belə bir dəhlizin açılması niyə o prinsiplərdə öz əksini tapmır?
İkincisi, Dağlıq Qarabağdakı qondarma separatçı rejimə status veriləcək, beynəlxalq birlik onu tanıyacaq və sonradan orada bu qurumun qəti statusu ilə bağlı referendum keçiriləcəksə, həmin Madrid prinsiplərində bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli öz əksini tapırmı? Mən çox istərdim ki, bu gün hökumət millət vəkillərinə bu barədə bir məlumat versin. Beynəlxalq birlik tərəfindən tanınacaq o qurumun qəti statusu hansı müddətdə müəyyənləşək? Onun Azərbaycanla əlaqəsi hansı formada olacaq? O müvəqqəti hökumət Azərbaycana tabe olacaqmı, yoxsa yox? Sonradan, tutaq ki, 100 il, yaxud 200 il ərzində onun statusu müəyyənləşmədi. Madrid prinsiplərində konkretləşdirilirmi ki, bu status hansı müddətdə müəyyənləşməlidir? Dağlıq Qarabağ, nəhayət, Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır. Mən hesab edirəm, bu məsələlər hər bir azərbaycanlını, o cümlədən millət vəkillərini ciddi narahat edir. Bu barədə millət vəkillərinə məlumat verilməlidir. Çox təəssüf ki, bizim dəfələrlə deməyimizə baxmayaraq, qeyd etdiyim nazirlər hər dəfə Nazirlər Kabinetinin hesabatına qatılmırlar. Onlar sanki millət vəkillərinin qarşısında hesabat verməyi özlərinə sığışdırmırlar. Axı, Nazirlər Kabineti təkcə iqtisadi sektordan ibarət deyil.
Başqa bir məsələ bizim sahibkarların vəziyyəti ilə bağlıdır. Hökumət nümayəndələri dəfələrlə vurğulayırlar ki, bu iqtisadi böhran Azərbaycana ciddi təsir etməyib. Yadımdadır, bizə bu hesabat göndəriləndə onu həmişə gözəl bir çantanın içərisinə qoyardılar və o çantada bir hesablama makinası, bir qələm də olardı. Elə buradan görünür ki, böhran bizə ciddi təsir edib. Bu dəfə yalnız bu kitabı göndəriblər. Bu, əlbəttə, bir zarafatdır. Mən bir şeyi qeyd etmək istəyirəm. Xatırlayıram, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan hökumətinin qarşısında məsələ qoy-du ki, bizim neft pullarının ən azı 2 milyard manatı Azərbaycanın banklarında yerləşdirilməlidir. Bu günə qədər ictimaiyyətə məlumat verilmir ki, Prezidentin bu tapşırığı hansı səviyyədə yerinə yetirilib.
Bizim banklar xarici banklardan yüksək faizlərlə vəsait cəlb edirlər. Əgər Azərbaycana bu vəsait lazım deyilsə, niyə bizim banklar xaricdən vəsait gətirir? Mən bu məsələni bir neçə dəfə bizim parlamentdə qaldırmışam. Hələ məndə bir millət vəkili kimi dəqiq məlumat yoxdur ki, ölkənin strateji valyuta ehtiyatları xaricdə hansı banklarda və hansı faizlə saxlanılır? Bunu da bir kommersiya sirri kimi gizləyirlər və biz bilmirik ki, bu böhran zamanı, – banklar dünyada böyük bir böhranla üzləşdilər, – Azərbaycan nə qədər vəsait itirdi, yaxud qazandı. Hesab edirəm ki, bu barədə də millət vəkillərini və ictimaiyyəti məlumatlandırmaq lazımdır. Çox istərdim ki, bizim Mərkəzi Bankın prezidenti, yaxud hökumət üzvlərindən kim isə bu məsələlərə öz münasibətini bildirsin.
Məni çox narahat edən məsələlərdən biri də təhsillə bağlıdır. Hörmətli hökumət üzvləri, bizim Konstitusiyaya görə Azərbaycanda orta təhsil pulsuz olduğuna baxmayaraq, əslində, instituta girən uşaqların 80–90 faizi repetitorlarla məşğul olur. Valideynlər bəzən o uşaqları təhsil alsın deyə yaxşı qidalandırmır, yaxşı geyindirmir, onların qidasından kəsib, müəllim tutub onları hazırlaşdırırlar ki, uşaqlar ali məktəblərə girsinlər. Nəhayət ki, bizdə həm orta məktəblərdə buraxılış, həm də ali məktəblərə qəbul imtahanları test ilə keçirilir. Bu test imtahanlarından biri ləğv olunmalıdır. İmtahan sualları da elə hazırlanmalıdır ki, orta məktəb uşaqlarının səviyyəsinə uyğun olsun və valideynlərin repetitor tutmağa ehtiyacı qalmasın. Hökumət bu məsələnin üstündən belə keçməməlidir. Əgər valideynlər repetitor tutmayacaqlarsa, bu, həm də ailələrin maddi rifahının yaxşılaşmasına xeyli kömək edəcək. Bunun üçün qəbul sistemində hökmən islahatlar aparılmalıdır. Orta məktəb təkcə mütəxəssis hazırlamır, həm də cəmiyyət üçün vətəndaş hazırlayır. Bizdə necədir? Yuxarı siniflərdə uşaqlar, demək olar ki, məktəbə heç ayaq basmır, ancaq gedib fərdi qaydada repetitorlarla hazırlaşırlar. Onların digər elm sahələri haqqında elementar bilikləri yoxdur. Ona görə də mən təklif edirəm ki, ali məktəblərə qəbul imtahanları ləğv olunsun. Orta məktəbdə bir buraxılış imtahanı olsun və bunun nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul keçirilsin. Mən hesab edirəm ki, bu addımı atmağın vaxtı gəlib çatıb.
Sonda mən bir şeyi də söyləmək istəyirəm. Bizdə artıq iri müəssisələrin də özəlləşdirilməsinə başlanmalıdır. Bu müəssisələrin çoxu rentabelli deyil və bir çoxu hətta fəaliyyətini dayandırıb. Ona görə də onlar iş adamlarına ucuz qiymətlərə satılmalıdır. Hətta lazım gələrsə, dövlət həmin iş adamlarına yüksək kreditlər verməlidir ki, o müəssisələri işə salsınlar, işlətsinlər və iş yerləri artırılsın, ölkə iqtisadiyyatına, büdcəyə əlavə vergi ödənilsin.
Mən hesab edirəm ki, hökumətin fəaliyyətində müəyyən müsbət addımlar olsa da, onun fəaliyyəti ümumən qeyri-qənaətbəxş hesab olunmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa buyursun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Təbii ki, hökumətin layihələrini, hesabatını dəstəkləmək bizim millət vəkillərinin haqqıdır. Amma biz də bir çox hallarda hökumət üzvü kimi danışanda artıq hökumətin hesabatına heç bir ehtiyac qalmır. Bu hesabatda onsuz da kifayət qədər tərif var. Məncə, sağlam tənqidə ehtiyac var ki, müəyyən sahələrdə nöqsanların aradan qaldırılması mümkün olsun. Bu hesabatlar çox zaman bir iqtisadi roman kimi hazırlanır və bir az da bədii baxımdan əl gəzdirilsə, daha oxunaqlı, çoxtirajlı bir romana çevrilə bilər.
Məncə, bu hesabatlara başqa bir metodologiya ilə yanaşmaq lazımdır. Burada hər şey o qədər aydın şəkildə göstərilməlidir ki, hamı Nazirlər Kabinetinin gələn il hansı istiqamətdə fəaliyyət göstərəcəyi barədə geniş təsəvvürə malik olsun. Məsələn, göstərilir ki, bizdə iqtisadi cəhətdən fəal əhalinin təqribən 41 min nəfəri işsizdir və bunun 44 faizi qadınlardır. Evdar qadınları çıxandan sonra qalır 22–23 min nəfər. Yaxşı, bu işsizlik problemini həll etmək üçün 50 nəfər imkanlı şəxsə tapşırsan və hərə 500 nəfərə iş yeri açsa, Azərbaycan işsizlik problemini həll etmiş yeganə ölkə olar. Məncə, bu cür rəqəmlərlə bu sənədlərin ortaya qoyulması doğru deyil.
Eyni sözləri yoxsulluq həddinin aşağı salınması barədə də söyləmək olar. Sanki bu hədd hər il mütləq 2–3 faiz aşağı salınmalıdır. İndi 11 faizdir. Belə çıxır ki, 5 ildən sonra Azərbaycanda, ümumiyyətlə, yoxsulluq olmayacaq. Heç inkişaf etmiş ölkələrdə bu cür narahatçılıq keçirmirlər. Hesabatda bu kimi rəqəmlərin ifadə olunması, məncə, bu sənədlərin ciddiyyətinə təsir göstərir.
İxracın strukturu barədə. Hesabatda göstərilir ki, ixracın təqribən 92 faizi neft və neft məhsullarına aiddir. 87 faiz özəl sektordursa və bu özəl sektorun ixracda payı təxminən 5,3 faizə düşürsə, özəl sektorun inkişafını hansı formada əsaslandırmaq mümkündür? İdxalın 15,7 faizi ərzaq məhsullarına aid edilir. Kənd təsərrüfatına bu qədər investisiyalar qoyulur. 15 faiz idxal əgər ərzaq məhsullarına yönəlirsə, biz daha vacib sahələrə bunu yönəltmək imkanı əldə edə bilərik.
Şəhərsalma ilə bağlı fikirlər səslənir. Neçə illərdir Bakının baş planı təqdim olunmur. İnsanların mülkləri, evləri, mənzilləri var, öz həyatlarını orada qurublar. Birdən-birə bir günün içində hər şey dəyişir. Çox maraqlıdır ki, diferensiasiya düzgün müəyyən olunmur, insanlara istənilən qiymət təklif olunur və bu qiymətə razılaşmayanlar məhkəməyə müraciət eləmədən evlərindən, obyektlərindən çıxarılırlar.
Sahibkarlığın inkişafı ilə bağlı tez-tez danışılır. Bu gün Azərbaycanda ən çox çətinlik çəkən təbəqələrdən biri sahibkarlardır. Bu, elə hökumətin hesabatından da görünür. 2009-cu ildə sahibkarlar vergilərin ancaq 70 faizini ödəyə bilmişlər. Deməli, artıq sahibkarların da imkanları kifayət qədər aşağı səviyyədədir ki, dövlət büdcəsinə lazımi vəsaiti verə bilmirlər.
2007-ci ilin dövlət büdcəsi müzakirə olunarkən bizdə Hesablama Palatasının rəyi var idi. O rəydə göstərilirdi ki, investisiya layihələrinin təxminən 76 faizinin proqram əsası olmayıbdır. Sonradan hörmətli maliyyə nazirimiz açıqlama verdi ki, bunların hamısının proqram əsası var. Bu məsələ yenə də hesabatda öz əksini tapmadı. Bu gün də məlum deyil ki, bu layihələr hansı proqramlar əsasında həyata keçirilibdir. Bunun müəyyənləşdirilməsi ona görə vacibdir ki, büdcədənkənar vəsaitlərin xərclənməsinə, heç olmasa, kabinet özü nəzarət edə bilsin.
Burada fikirlər səsləndi ki, ünvanlı sosial yardım köməksiz, kimsəsiz adamlara verildiyi üçün onların adlarının açıqlanması yanlışdır və bu, təhlükəli bir ənənəyə gətirib çıxara bilər. Onda xaricdən kredit götürürüksə, gizlədilməlidir, hansı nazirliyə pul göndərilirsə, gizlədilməlidir. Anonim bir büdcə yaratmayacağıq ki. Dövlət büdcəsindən hansı vəsaitin hara xərcləndiyi mütləq aşkar olunmalıdır. Bunun kimin kasıb, kimin varlı olmasına nə dəxli var? Bu, sənədlərdə öz əksini tapmalıdır. Bu, kiminsə cibindən xərclədiyi vəsait deyil ki.
Oqtay müəllim, biz burada “Xüsusi iqtisadi zonalar haqqında” çox yaxşı bir qanun qəbul elədik. Bir il vaxt keçibdir. Bu, regional layihələrdir və biz bu layihələri vaxtında həyata keçirməsək, bunu başqaları mənimsəyəndən sonra onların həyata keçirilməsi olduqca çətin olacaqdır. Azərbaycan gələcəkdə regionun güclü iqtisadi mərkəzinə çevrilmək istəyirsə, bu zəruri addımları vaxtında atmalıdır. Azərbaycanda bir neçə xüsusi iqtisadi zonanın yaradılması vacibdir ki, bu, iqtisadiyyatın inkişafına təkan versin.
Genetik modifikasiya olunmuş məhsullar məsələsi Azərbaycanda ciddi problemdir. Bu mənşəli məhsulların tənzimlənməsi çox aktualdır. Bəzi elmi mərkəzlər iddia edirlər ki, bu məhsulların insan sağlamlığına, ətraf mühitə mənfi təsirləri var və onlar müəyyən xəstəliklərin yaranmasına səbəb olurlar. Ona görə də bu mexanizmin tənzimlənməsi üçün başqa ölkələrdə olan təcrübəni həyata keçirməliyik. Azərbaycan 2005-ci ildə Kartogena Protokoluna da qoşulub. Bu idxalı tənzimləmək üçün ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət edən sistem yaradılmalıdır. Vətəndaş nə ilə qidalandığını bilməlidir. Bütün bazar, demək olar ki, normal olmayan məhsullarla doludur. Xaricdən alınan dərmanla Azərbaycanda istehsal olunan dərmanın keyfiyyəti eyni deyil. Başqa məhsullar, ərzaq məhsulları da elədir. Belə məhsullar genetik fondumuzun dağılmasına səbəb olan əsas amillərdəndir. Ekoloji kənd təsərrüfatı məhsullarının qanunvericilik bazasını möhkəmlətdik. Məncə, bu istiqamətdə də ciddi addımlar atılmalıdır ki, heç olmasa, bu problem həll olunsun və Azərbaycanda təmiz kənd təsərrüfatı məhsullarının istehsalı stimullaşdırılsın.
Biz Dövlət Neft Fondunun vəsaitlərindən istifadə məsələsini tez-tez müzakirə edirik. Bəlkə biz ayrılan vəsaiti mövcud potensialımızla müqayisədə çox az xərcləyirik, yaxud fonddan dövlət büdcəsinə transfertlər kəskin azaldılmalıdır? Məsələn, Norveçdə hər bir vətəndaş bilir ki, xərclərin limiti necə müəyyənləşir. Hazırda bizdə müxtəlif dünya qiymətləri şəraitində neft-qaz gəlirlərinin bugünkü və gələcək nəsillər arasında ədalətli bölgüsünü və maliyyə sabitliyinin davamlılığını təmin edəcək bir mexanizm tətbiq olunmur. Əgər tətbiq olunursa, Dövlət Neft Fondunun xərcləri ilə bağlı orta və uzun müddətli proqnozlar açıqlanmalıdır.
Vacib məsələlərdən biri diferensiasiyanın müəyyən olunmasıdır. Məsələn, kənd yerində də, şəhər yerində də aptek açırsansa, dövlətə 5500 manat pul ödəyirsən. Kənddə heç kim aptek və ya həkim kabineti açmaq istəmir. Şəhərlə kənd arasında fərq qoymaq lazımdır ki, heç olmasa, kənddə səhiyyə sisteminin inkişafı mümkün olsun.
Narkotikdən istifadəyə dair məsələ də tez-tez səsləndirilir. Amerika Birləşmiş Ştatları Departamentinin açıqladığı 2010-cu il bəyanatında göstərilir ki, Azərbaycanda 300 min narkoman var və bunun da 30–35 faizi tələbələrdir. Belə çıxır ki, 120 min tələbənin qızlı-oğlanlı 90 mini narkomandır. Bu, təbii ki, çox biabırçı və yanlış məlumatdır, düzgün təhlil aparılmadan verilmiş məlumatdır. Amma gəlin, bir gerçəyə baxaq. Deyək ki, bu, 90 min deyil, 9 mindir. Bu yenə bir faciədirmi? Yəni bunu kim araşdırıb ki, bizim tələbələr arasında bu səviyyə nə qədərdir? Bunu araşdıran bir qurum varmı, bunu müəyyənləşdirən varmı? Heç olmasa, Amerika Birləşmiş Ştatları Departamentinin açıqladığı sənədlərə qarşı faktla durmaq üçün bu lazımdır. Həqiqətən də, narkomaniyanın Azərbaycanda geniş yayılması kifayət qədər ciddi bir problemdir. Ötən il buna reaksiya verilmədi. Ötən il bu rəqəm 200 min göstərilmişdi, bu il 300 min göstərildi. Çox güman ki, gələn il də 400 min göstəriləcək. Həqiqətən, Azərbaycanda narkomaniya geniş yayılıbdır. Bunu gizlətmək mümkün deyil, bu bir faciədir. Bu faciədən qorx-maq yox, gənc nəslin sağlamlığı istiqamətində təsirli addımlar atmaq lazımdır. Gürcüstanda prezident Saakaşvili göstəriş verdi ki, bütün məmurlar narkotestdən keçirilsinlər. Bəlkə bizdə də istər hüquq mühafizə orqanlarında, istərsə də başqa sahələrdə müəyyən addımların atılması vacibdir ki, Azərbaycan bu bəladan qurtara bilsin.
Mən hesab edirəm, bu cür hesabatlarda bu tənqidi fikirlərin səslənməsi vacibdir ki, heç olmasa, müəyyən nöqsanları ortadan qaldırmaq fürsəti olsun və Azərbaycanın güclü bir dövlətə çevrilməsinə hamımızın faydası dəysin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev qısa bir cavab verdi, mən heç cavab verməyəcəyəm. Amma bir müşahidəm oldu. Onu hamınızla bölüşmək istəyirəm. Pənah Hüseyn müxalifət partiyası adından çıxış edəndə və “Vaşinqton post”a istinad edəndə birdən gördüm ki, elə bu çıxış qurtaran kimi həmin “Vaşinqton post”un nümayəndəsi durdu, çıxdı getdi. Yəni bu nümayəndə baxırmış ki, parlamentdə bu səviyyəsiz söhbətə reaksiya necə olacaq. Bu birincisi, ikincisi, hamı bilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti nə sağına baxır, nə soluna, öz xalqı naminə müstəqil siyasətini aparır. Heç bir kənar güclər, heç bir “Vaşinqton post”lar, heç bir yazılar onu öz yolundan döndərən, heç bir şərlər ona yapışan deyil. Ona görə heç nahaq xəyallara qapılmasınlar. (Alqışlar.)
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri, iclası davam etdiririk. Buyursun Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hörmətli Baş nazirimizin hərtərəfli, dərin məzmunlu hesabatı və təqdim edilən materialların təhlili, məruzə və çıxışlar onu deməyə əsas verir ki, dünya iqtisadi və maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan Respublikası iqtisadiyyatın dinamik inkişafını əvvəlki illərdə olduğu kimi təmin etmiş və regionda öz liderlik mövqeyini saxlamışdır.
Ümumi daxili məhsulun həcmi dünyanın inkişaf etmiş ölkələrində 3,3 faiz aşağı düşdüyü halda Azərbaycanda 9,3 faiz artmışdır. Əldə edilən bu yüksək nailiyyət hər şeydən əvvəl bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilən liberal iqtisadi siyasət strategiyası ilə əlaqədardır. Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafa və dayanıqlı cəmiyyətin formalaşmasına yönəlmiş bu məqsədyönlü və ardıcıl iqtisadi siyasətin aparılması Azərbaycan iqtisadiyyatının gələcəkdə də dinamik inkişafının təməlini qoyur. Belə ki, hələ də davam edən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrində iqtisadiyyata sarsıdıcı təsir etsə də, Azərbaycanda həm neft, həm də qeyri-neft sektorunda artım qeydə alınmışdır.
Çox fərəhli haldır ki, regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsulların çeşidinin genişlənməsinə şərait yaratmışdır. Bunun nəticəsidir ki, 2009-cu ildə ümumi daxili məhsulun 15,7 milyard manatı və ya 45,4 faizi qeyri-neft sahələrinin payına düşmüşdür. Göründüyü kimi, bu sahə də son illər dinamik inkişaf edir və neft sektoru ilə olan fərq aradan qaldırılır. Bu isə o deməkdir ki, bəzilərinin iddia etdikləri kimi, hökumət yalnız neft sektoruna yox, eyni zamanda, qeyri-neft sektoruna da diqqət və qayğı ilə yanaşır. Əldə edilən bu uğurlar bir daha onu sübut edir ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublika hökuməti tərəfindən ölkə iqtisadiyyatının birtərəfli qaydada yox, tarazlı inkişafı üçün lazım olan bütün tədbirlər görülür.
2009-cu il kənd təsərrüfatı üçün də uğurlu il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlara əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən verilən subsidiyalar və güzəştlər, təsdiq edilmiş müxtəlif məqsədli proqramların yerinə yetirilməsi üçün həyata keçirilən silsilə tədbirlər kənd təsərrüfatı istehsalının maddi və texniki bazasını möhkəmləndirmiş və bu sahənin inkişafına sahibkarların marağını artırmışdır. Əvvəlki illərdə olduğu kimi, keçən ildə də bu sahədə dinamik inkişaf davam etmiş, kənd təsərrüfatında yaranan əlavə dəyərin real artımı 2008-ci ilə nisbətən 3,5 faiz artaraq, 2,3 milyard manat təşkil etmiş, ümumi daxili məhsulun 6,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatının payına düşmüşdür. Hesabat ilində bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə, üzüm, çay yarpağı, bostan, bütün növ heyvandarlıq məhsullarının istehsalı artmış, taxıl istehsalında isə ölkəmizdə misli görünməmiş artım qeyd edilərək, onun həcmi 3 milyon tona çatdırılmış, ölkəmizin tarixində ən yüksək rekord göstəriciyə nail olunmuşdur.
Əlbəttə, bütün bu yüksək göstəricilər möhtərəm Prezidentimizin rəhbərliyi ilə respublika hökumətinin həyata keçirdiyi iqtisadi islahatların və inkişaf strategiyasının məntiqi nəticəsidir. Hökumət 2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrasını təmin etmək üçün keçən il Dövlət Taxıl Fondunun formalaşması və fəaliyyəti, dövlət qış otlaqlarının və suvarılan torpaqların inventarlaşdırılması və digər istiqamətlərdə konkret tədbirlər həyata keçirmişdir.
2009-cu ildə aqrar sahənin kreditləşdirilməsi davam etdirilmiş və bu məqsədlə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 10, 9 milyon manatdan çox mikrokredit, quşçuluğun inkişafı, ət-süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin yaradılması ilə bağlı 19 sahibkarlıq subyektinə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 31,8 milyon manat güzəştli kredit ayrılmışdır. Meliorasiya və irriqasiya işlərinin yerinə yetirilməsi, baytarlıq və fitosanitar tədbirlərin həyata keçirilməsi və digər məsələlər də hökumətin diqqətində olmuş və lazımi işlər görülmüşdür.
Ölkəmizin iqtisadi inkişafında özünəməxsus, xüsusi yeri olan, ümumi daxili məhsulun formalaşmasında və əhalinin yerli istehsal hesabına ərzaqla təmin edilməsində böyük təsiri olan aqrar bölmənin aşağıdakı məsələlərinə 2010-cu ildə hökumətin diqqət və qayğı göstərməsini məqsədəmüvafiq hesab edərdim. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ istehsal edilən məhsulların vaxtında satışının təşkilidir. Bu sahədə müəyyən tədbirlər görülməsi, soyuducu anbarların tikilməsi təqdirəlayiqdir. Lakin məsələnin tam həlli üçün kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisinin genişləndirilməsi hökumətin diqqətində olmalıdır. Eyni zamanda, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satış bazarlarının təşkili işinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də cəlb edilməlidir.
Azərbaycanın təbii iqlim və torpaq şəraiti bir çox strateji kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıqçılığın inkişafı üçün əlverişli olduğundan hökumətin bu sahəyə xüsusi diqqət və dəstək göstərməsi məqsədəmüvafiq olardı. Çünki pambıq təkcə yüngül sənayeni yox, həm də yeyinti, səhiyyə və hərbi sənayeni xammalla təmin edir. Bunun üçün respublikamızda pambıq paltar istehsalının təşkili məqsədi ilə hökumət əyiriçilik, toxuculuq və tikiş müəssisələrinin yaradılması ilə məşğul olmalıdır. Hörmətli Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə istehsalı mümkün olan məhsulların idxalına son qoymağı və yerli istehsalı təşkil etməyi hökumətin qarşısında bir vəzifə olaraq qoymuşdur. Hesab edirik ki, pambıqçılıq üçün əlverişli şəraiti və ənənəsi olan rayonlarımızda pambıq əkilsə, bu həm ölkə iqtisadiyyatına, həm də sahibkarlara böyük fayda verərdi. Ona görə də bizim komitə Pambıqçılıq haqqında qanun layihəsi hazırlayaraq, Milli Məclisə təqdim etmişdir.
Məlumdur ki, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyada əsas amillərdən biri də rəqabətədavamlı məhsullar istehsal etmək üçün innovasiyalı texnika və texnologiyalardan istifadə olunmasıdır. Bu məqsədlə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına ehtiyac vardır. Hazırda ABŞ, Yaponiya və Avropanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının 83 faizi kooperativlər tərəfindən həyata keçirilir. Bunu nəzərə alaraq, Aqrar siyasət komitəsi Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi hazırlayaraq, Pambıqçılıq haqqında qanun layihəsi ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində geniş müzakirəsini təşkil etmişdir. Aqrar sahə alimləri hər iki layihəni yüksək qiymətləndirərək dəstəkləmiş və ölkəmizdə aqrar bölmənin inkişafında bu məsələlərin həlledici rolunu qeyd etmişlər. Güman edirik ki, hökumət pambıqçılığın inkişafı və kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün təsirli tədbirlər görəcəkdir. Əminəm ki, hökumət əvvəlki illərdə olduğu kimi, bu il də verdiyim təklif və tövsiyələrə diqqətlə yanaşacaqdır.
Hörmətli həmkarlarım, məndən qabaq çıxış edən həmkarım Pənah Hüseynin çıxışı ilə əlaqədar olaraq hörmətli Sədrimiz çox tutarlı cavablar verdi. Amma Pənah Hüseyn bilməlidir ki, onun səsləndirdiyi fikirlərin heç bir məntiqi əsası yoxdur. Onun təhlilləri də düzgün deyil. O belə bir ifadə işlətdi ki, bu il Azərbaycanda ət ili yox, ot ilidir. Hələ Pənah Hüseyn bilmir ki, ot olmasa, heç ət də olmaz. Gərək ot olsun və onu mal-qara yesin ki, Pənah Hüseyn də ət yeyə bilsin. Bu, sadə bir şeydir.
Mən onu da demək istəyirəm ki, ATƏT-in Parlament Assambleyasının sədri və onu müşayiət edən insanlar üç gündür Azərbaycanda səfərdədir. Onlarla çoxlu görüşlər keçirilir. Hörmətli Sədrimizlə görüşdə də bir çox məsələlər müzakirə olundu. Mən onları altıncı gün də, dünən, istirahət günü də müşayiət etmişəm. Bakıda gedən quruculuq, abadlıq işlərini, Azərbaycanın inkişafını görən bu insanlar çox sevindilər və razı qaldılar. Onlar hətta dedilər ki, biz səhv eləmişik, gərək Ermənistana, Gürcüstana getməmişdən qabaq səfərimizi Azərbaycandan başlayaydıq, Azərbaycanın yüksək inkişafını görüb, necə deyərlər, orada biz sözümüzü deyəydik. Onlar özləri də qeyd elədilər ki, Ermənistan nə qədər ağır və gərgin bir vəziyyətdə yaşayır. Görün, beynəlxalq təşkilatlardan gələn və bəlkə də ürəklərində bizi çox da istəməyən insanlar Azərbaycanda olan inkişafa nə dərəcədə yüksək qiymət verirlər. Amma indi nə edək ki, bizim müxalifətin gözləri pis görür. İndi göz əgər pis görürsə, onun da günahı özlərindədir, gərək gözlərini müalicə etdirsinlər.
Mən hesab edirəm ki, Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı yüksək səviyyədə hazırlanıb. Mən buna səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli millət vəkilləri, hesab edirəm ki, Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin bu gün burada hökumət adından verdiyi hesabat Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən düşünülmüş və məqsədyönlü inkişafın real göstəricilərini özündə əks etdirir. Məncə, 2009-cu ilə dair burada səslənən hesabat Azərbaycan Prezidentinin rəhbərliyi altında qlobal böhran şəraitində də ölkənin inkişaf etdirilməsinin mümkünlüyü baxımından da tarixi əhəmiyyətə malikdir.
Ümumi daxili məhsulun keçən illə müqayisədə 9,3 faiz artması, qeyri-neft sektorunda gəlirlərin 45,4 faizə çatdırılmasına dair məlumatlar Azərbaycan dövlətinin, ölkə Prezidentinin və Azərbaycan hökumətinin 2009-cu ildəki məqsədyönlü fəaliyyətinin parlaq və aydın nəticəsidir. Etiraf emək lazımdır ki, dünyada qlobal böhranın tüğyan etdiyi bir şəraitdə bu cür inkişaf tempinə malik olan ölkələri göstərmək ya çox çətindir, ya da barmaqla saymaq mümkündür. Cənab Prezidentin ölkəmizdə keçid dövrü iqtisadiyyatının başa çatması haqqında verdiyi bəyanatlar Azərbaycan cəmiyyətinin inkişafı baxımından obyektiv reallığı tam şəkildə əks etdirir. Prezidentin fəaliyyətinə isə ölkəmizdəki müəyyən maraqlı qüvvələrin məqsədyönlü şəkildə şəxsi məqsədləri naminə xarici mətbuata ötürdükləri yalan və böhtanlara görə yox, dünya ictimaiyyətinin və Azərbaycan xalqının gözü qarşısında həyata keçirilən genişmiqyaslı layihələrə və əldə olunan nəticələrə görə qiymət verilir. Bütövlükdə cənab Prezidentin rəhbərliyi altında hərtərəfli inkişaf, əslində, bu cür yalan və böhtanlara verilən tutarlı və konkret cavabdır.
Xarici mətbuatda son vaxtlar ara-sıra gözədəyən bu cür yalan və böhtanlar, əslində, ölkəmizin Prezidentinə qarşı olan təzyiqlərin yeni dalğasıdır, təzahür formalarından biridir. Xalqımız bu cür yalan və böhtanların kimlər tərəfindən xaricə ötürüldüyünü, hansı məqsədlər daşıdığını yaxşı bilir və bunlara qətiyyən inanmır. Azərbaycan xalqı ölkə Prezidentinin fəaliyyətini dəstəkləyir və ona yüksək qiymət verir. Məncə, hər bir Azərbaycan vətəndaşının borcu və vəzifəsi xarici mətbuatda olan yalan və böhtanı şişirdilmiş şəkildə təbliğ etməkdən, yaxud həmin yalan və böhtandan öz məqsədləri naminə istifadə etməkdən deyil, əksinə, həmin yalan və böhtanların siyasi mahiyyətini dərindən dərk edərək, ona cavab verməkdən ibarət olmalıdır. Azərbaycanın reallığı, Azərbaycan dövlətinin indiki inkişafı, 2009-cu ilə aid hesabatdakı möhtəşəm nailiyyətlər bu cür adamların ən yaxşı cavabıdır.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Nazirlər Kabinetinin 2009-cu ildə nümayiş etdirdiyi sabit dövlətçilik mövqeyi, zəngin idarəçilik təcrübəsi, onların sayəsində əldə olunan nəticələr bu hökumətin bundan sonra da fəaliyyətini uğurla davam etməsinə tam əsas verir.
Təqdim olunan hesabatda Naxçıvan Muxtar Respublikasının fəaliyyətini və böyük inkişafı əks etdirən faktlar və rəqəmlər real həyatda öz əksini tapır. Naxçıvan Muxtar Respublikasının 2009-cu ildə dövlət tərəfindən müəyyən olunmuş inkişaf planı vaxtında və yüksək səviyyədə yerinə yetirilmişdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının 2009-cu ilin avqust ayında keçirilən 85 illik yubiley tədbirləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sürətlə inkişaf etdiyini dünya ictimaiyyətinə çatdırdı. Hesab edirəm ki, hörmətli Baş nazirimiz Artur Rasizadənin bu gün təqdim elədiyi hesabat qlobal böhran ilində qazanılan inkişafın qiymətli salnaməsidir, gələcək nəsillər üçün də ibrət dərsidir. Hesab edirəm ki, bu-na görə hökumətin fəaliyyətinə biz yüksək qiymət verməliyik. Mən hökumətin hesabatının təsdiq olunmasına səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri, hörmətli millət vəkilləri! Bu gün biz 2009-cu ilə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını müzakirə edirik. Məndən əvvəl çıxış edən bir sıra həmkarım həmin hesabatın müsbət məziyyətləri haqqında öz fikirlərini səsləndirdilər. Eyni zamanda, Azərbaycan Respublikasının Baş naziri hörmətli Artur Rasizadə geniş məlumat verdi. Ona görə də hesabatın ayrı-ayrı məqamları üzərində məxsusi dayanmağa o qədər də ehtiyac yoxdur.
Bir neçə məsələ barədə fikrimi sizinlə bölüşmək istərdim. 2009-cu ildə dünyada baş verən hadisələr hamımızın yaddaşındadır. 2009-cu il dünyada qlobal iqtisadi və maliyyə böhranı ili olmuşdur. Təbii ki, bu maliyyə böhranı dünyanın bütün ölkələrini əhatə edirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji və taktiki xətt nəticəsində Azərbaycan həmin maliyyə böhranından daha az zərərçəkən ölkələr sırasındadır. Əlbəttə, həmin maliyyə böhranı bu və ya digər şəkildə Azərbaycana müəyyən təsir göstəribdir və bu məqam hesabatda qeyd olunubdur. Amma bütövlükdə götürüldükdə ümumi daxili məhsulun artımına, sənaye məhsulu istehsalının artımına, kənd təsərrüfatı məhsulunun istehsalına və sair göstəricilərə baxdıqda Azərbaycanın bu böhrandan daha az zərərçəkən ölkələr sırasında olduğunu söyləyə bilərik. Hamımız bilirik ki, maliyyə böhranı nəticəsində bütövlükdə dünyada ümumi daxili məhsulun həcmi 2,2 faiz aşağı düşüb, yalnız bir sıra ölkələr, o cümlədən Çin, Hindistan, Azərbaycan və sair bu böhrandan yan keçə bilibdir. Azərbaycan iqtisadiyyatının bu böhrandan üzüağ çıxması beynəlxalq maliyyə qurumları tərəfindən çox yüksək qiymətləndirilibdir.
2009-cu il Azərbaycan üçün nə ilə yadda qaldı? 2009-cu ildə Azərbaycan iqtisadi baxımdan keçid dövrünü arxada qoydu. Prezidentimiz bununla bağlı məxsusi çıxış etdi və həmin çıxışda bu fikri səsləndirdi. Bir məsələni də qeyd etmək istərdim. Bu gün Azərbaycanın iqtisadi modeli, inkişaf modeli nəinki Azərbaycanda, həmçinin beynəlxalq təşkilatlarda da etiraf olunur. Azərbaycan artıq özünəməxsus iqtisadi inkişaf modelini nümayiş etdirmişdir. Bu iqtisadi inkişaf modeli əsasında bizim irəliyə getdiyimiz hamı tərəfindən etiraf olunur və bütün bunlar proqramlı şəkildə həyata keçirilir. Yəni Azərbaycanda iqtisadi islahatlar, iqti-sadi inkişaf müəyyən proqramlar əsasında reallaşdırılır.
Bu gün hökumətin təqdim etdiyi hesabata diqqətlə baxsaq, – təəssüf ki, bəziləri buna diqqətlə baxmayıblar, – ayrı-ayrı sahələr üzrə çoxsaylı proqramların tərtib edildiyini və bu proqramların reallaşdırılması nəticəsində Azərbaycanın müxtəlif sahələrdə uğurlar əldə etdiyini görə bilərik. Azərbaycan iqtisadiyyatı planlı iqtisadiyyat deyil, bazar iqtisadiyyatıdır, liberal iqtisadiyyatdır. Amma liberal iqtisadiyyatın yönəldirilməsini də görürük. Sosial sahədə, habelə elmlə, təhsillə bağlı çox ciddi proqramlar vardır. Səhv etmirəmsə, təhsillə bağlı indiyə qədər ən azı 15 proqram reallaşdırılıb. Digər sahələrdə proqramlar var və bu proqramların həyata keçirilməsi ilə biz xeyli irəliləyiş əldə edə bilmişik.
2009-cu il Nazirlər Kabinetinin hesabatını mən yüksək qiymətləndirirəm. Eyni zamanda, tərtib olunmuş bu hesabatın təqdimatının özü də yüksək səviyyədədir. Yəni çox elmi şəkildə tərtib olunubdur, mütəxəssislər tərəfindən ciddi şəkildə işlənilibdir. Nazirlər Kabineti parlamentə bu hesabatı təqdim edərkən bütün nüansları nəzərə alıbdır. Bu, əslində, böyük bir işin, elmi araşdırmanın nəticəsi kimi bizə təqdim olunubdur.
Bir məqamı da qeyd etmək istəyirəm. Təkcə bizim ölkədə yox, bütün demokratik ölkələrdə parlament hökumətin fəaliyyətini bu cür dinləyir və ona qiymət verir. Təbii ki, bütün ölkələrin parlamentlərində müzakirələr gedərkən, hökumətin fəaliyyətinə qiymət verilərkən bir neçə sual ortada olur: hökumət nələri etmişdir? Nələri edə bilərdi və etməmişdir? Nəhayət, nələri etməlidir? Parlamentin, xalqı təmsil edən şəxslərin vəzifəsi ondan ibarətdir ki, bununla bağlı öz fikirlərini səsləndirsinlər.
Mən hesab edirəm ki, Azərbaycan parlamentinin qəbul etdiyi büdcəyə uyğun olaraq, hökumət öz səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifələri, funksiyaları tam şəkildə yerinə yetirmişdir. Yəni mümkün olan nə vardırsa, onlar dövlət tərəfindən edilmişdir. Əgər bu və ya digər çatışmazlıqlar, çətinliklər, problemlər vardırsa, təbii ki, hökumət də gələcəkdə bunları aradan qaldırmaq üçün öz fikirlərini səsləndirmiş, müəyyən çıxış nöqtələri qoymuşdur. Eyni zamanda, bu gün bizim söyləyəcəyimiz fikirlərə istinad edərək, onları da həll etməlidir.
Bu gün hökumətin hesabatını müzakirə edirik. Nazirlər Kabineti məhz bizim qəbul etdiyimiz büdcəyə uyğun olaraq və Konstitusiyanın 119-cu maddəsində ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstəribdir. Mən Konstitusiyadan həmin müddəaları, qısa da olsa, bəzi müxalifət deputatlarına, xüsusilə Sabirabadın 63-cü dairəsindən seçilmiş deputatın diqqətinə çatdırmaq istəyirəm. Nazirlər Kabineti dövlət büdcəsinin icrasını, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi və sosial proqramlarını həyata keçirir və sair.
İndi gəlin, görək, hökumət, Nazirlər Kabineti bu deyilənləri yerinə yetiribmi? Əlbəttə, yerinə yetirib. Hesabatdakı rəqəmlər, statistik ümumiləşdirmələr bunu deməyə əsas verir. Deyirlər ki, burada rəqəmlər var. Bəs nə olmalıdır? Şeir olmalıdır? Rəqəm olmalıdır. Statistik rəqəmlər iqtisadiyyata aid olan anlayışdır və iqtisadiyyatın da əsasında statistika durur, rəqəmlər dayanır. Bu rəqəmlərin də arxasında həm Azərbaycan vətəndaşının gərgin əməyi, həm hökumət üzvlərinin gərgin əməyi, həm də bu xətti ardıcıl həyata keçirən Prezidentimizin atdığı ciddi addımlar, qətiyyətli siyasət dayanır.
Deyirlər ki, burada Qarabağla bağlı heç nə yoxdur. Həzərat, bu, başdan-ayağa Qarabağla bağlıdır. Burada “Qarabağ” sözünü axtarmaq lazım deyil. Bu, hesabatdır. Hökumətin əldə etdiyi nailiyyətlər Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması üçün olan fəaliyyətdir. Bu il Azərbaycan iqtisadi yolla düşməni sülhə məcbur etmək siyasətini həyata keçirir. Bu çox ciddi bir siyasətdir, beynəlxalq münasibətlər sistemində çox ciddi bir yenilikdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bir neçə yol seçə bilər: hərbi yol, sülh yolu, danışıqlar yolu və beynəlxalq təşkilatların təcavüzkara təzyiqi, eyni zamanda, iqtisadi yol. Düşməni sülhə məcbur etmənin iqtisadi yolu vardır. Bu, Azərbaycan siyasətində çox yeni bir siyasətdir və eyni zamanda, politologiyada ən mühüm yerlərdən birini tutan siyasətdir. İqtisadi yolla düşməni sülhə məcburetmədə Azərbaycan hökumətinin 2009-cu ildə göstərdiyi fəaliyyət çox dolğun, dəqiq və mən deyərdim ki, müəyyən olunmuş xətt üzrə aparılır.
Burada bir məsələ vardır. “Hökumətin fəaliyyətini biz bəyənmədik”, “biz istəmədik” deyirlər. Bəyənmədinsə, niyə bəyənmədin? Bir rəqəmin arxasına düşüb, yaxud hansısa bir çatışmazlığı, hansısa bir problemi qabardaraq, bütövlükdə hakimiyyətin, dövlətin siyasətini ayaqlamaq, onu aşağılamaq nə dərəcədə məntiqə uyğundur? Adətən, müxalifət xarici ölkələrdə hökumətin siyasətinə baxanda vergi siyasətindən, iqtisadi modeldən danışır. Bizdə ən mütərəqqi vergi tətbiq olunur. Vergi güzəştləri sahibkarlığın inkişafına təkan verir. Orada deyirlər, biz konsepsiya ilə razı deyilik. Daha demirlər ki, burada iki yazılıb, bir yazılıb.
Bu gün Azərbaycanın hər yerində böyük quruculuq işləri gedir, regionların sosial-iqtisadi inkişafı genişlənir. Bütün bunlar bizim ümummilli maraqlarımıza uyğun olan bir siyasətdir və bizim ümummilli maraqlarımız tələb edir ki, biz düşmənin bizə etdikləri təzyiqlərin qarşısında duraq və həmin təzyiqlər qarşısında alət və vasitə rolunu oynamayaq. Həmin təzyiqləri biz görürük.
Hörmətli Sədrimiz burada tutarlı cavablar verdi. Mən bu məsələyə qayıtmaq istəmirəm. Hansısa mətbuatda nə yazılıb, istefa və sair. Əvvəla, bu “istefa” sözünü deyənlərə xalq çoxdan istefa veribdir. Bu bir. İkincisi, zaman, məkan, xalqın əhvali-ruhiyyəsi və dövr nəzərə alınmadan bu cür məsuliyyətsiz çıxışlar etmək siyasətçiyə yaraşmayan hərəkətlərdir. Biz bunları qətiyyətlə pisləyirik və Yeni Azərbaycan Partiyası olaraq, hökumətin fəaliyyətini birmənalı olaraq müdafiə edirik. Bu hesabatın qəbul edilməsinə səs verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Havva Məmmədova.
H. Məmmədova. Çox sağ olun, cənab Sədr. Hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri və hörmətli millət vəkilləri! Bu gün hökumətin müzakirəmizə çıxarılan 2009-cu ildə fəaliyyəti ilə bağlı çox geniş hesabatı dinlədik. Hesabat çox gözəl, nəfis şəkildə hazırlanmışdır. Mən bəri başdan hesabatı hazırlayanların hər birinə dərin təşəkkürümü bildirirəm.
Məndən öncə çıxış edən həmkarlarımın hesabatla bağlı səmimi, eyni zamanda, çox təəssüf ki, qeyri-səmimi və qərəzli fikirlərini eşitdik. Elə məndən öncə çıxış edən hörmətli həmkarım Mübariz Qurbanlının bir fikrinə mən də dəstək verirəm. Burada səsləndi ki, hesabatda Qarabağla bağlı heç bir şey göstərilmir. Qarabağ probleminin yaratdığı ən böyük problem qaçqın və məcburi köçkünlər ordusudur. 1993-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərlə bağlı hökumətimizin, dövlətimizin apardığı siyasəti görmək üçün mən xahiş edərdim, istərdim ki, Pənah Hüseyn hesabatı götürsün, vərəqləsin və bir-bir baxsın. Bu hesabatda qaçqın və məcburi köçkünlərlə bağlı nə qədər böyük fərmanlar və sərəncamlar öz əksini tapmışdır.
Mən Dağlıq Qarabağdan olan bir millət vəkili kimi, qaçqın və məcburi köçkünlərlə bağlı bəzi faktları, rəqəmləri sadalamağı özümə borc bilirəm. Mən hökumətimizin qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı gördüyü işlərdən danışaraq demək istəyirəm. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu strateji xətt, 1993-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təkcə ötən il bu sahə ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2 fərman, 2 sərəncam, Nazirlər Kabineti tərəfindən 14 qərar və sərəncam qəbul edilib. Elə bu il, 2010-cu ilin başlanğıcında cənab Prezidentin ilk verdiyi fərman yenə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı olmuşdur. 700 məcburi köçkün ailəsi üçün 14 milyon manat vəsaitin ayrılmasını məcburi köçkünlərimiz minnətdarlıq hissi ilə qarşılamışdılar.
Azərbaycanda çadır şəhərcikləri iki ildən artıqdır ki, ləğv olunub. Əvəzində çadırlarda məskunlaşan insanlarımız müasir tələblərə cavab verən mənzillərlə təmin ediliblər. Bakı şəhərində, müxtəlif bölgələrdə təcili köçürülməsinə ehtiyac yaranmış 369 məcburi köçkün ailəsi üçün Binəqədi rayonunda keçmiş 2 saylı evtikmə kombinatının ərazisində beş ədəd hər biri 63 mənzildən və bir ədəd 54 mənzildən ibarət 9 mərtəbəli yaşayış binalarının, habelə 260 şagird yerli orta məktəbin tikintisi sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2009-cu ilin noyabrında başa çatdırılmışdır.
Bunlarla yanaşı, 2009-cu ildə 6372 nəfərdən ibarət 1416 məcburi köçkün ailəsi üçün 86,75 kvadratmetr sahəyə malik evlər, həmçinin dörd məktəb, bir uşaq bağçası, bir tibb müəssisəsi, bir rabitə evi tikilmiş, 21 kilometr yol, 39,7 kilometr su, 91 kilometr hava elektrik xətti, 47,8 kilometr qaz, 3 kilometr kanalizasiya boru xətti, 1, 27 kilometr istilik xətləri çəkilmiş, müxtəlif gücə malik 33 elektrik transformatoru quraşdırılmışdır. Bakı və Sumqayıtda, habelə digər şəhər və rayonlarda məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriya və sağlamlıq düşərgələrində təcili təmirə ehtiyacı olan 130 məcburi məskunlaşma obyektinin 50-də təmir işləri başa çatdırılmış, qalanlarında isə təmir işlərinin həyata keçirilməsinə razılıq əldə edilmişdir.
2009-cu ildə məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması və çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə 101,5 milyon manat vəsait ayrılmışdır ki, bu da 2003-cü illə müqayisədə 5,1 dəfədən çoxdur. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərcləri üçün 2009-cu ildə təsdiqlənmiş 77,8 milyon manat vəsaitdən 74,6 milyon manat normativlər üzrə mərkəzləşdirilmiş qaydada birbaşa xəzinədarlıq vasitəsi ilə xidməti təşkilatlara ödənilmişdir. Dövlət büdcəsindən 2009-cu il üçün yemək xərci müavinətin ödənilməsi məqsədi ilə təsdiqlənmiş, 87,1 milyon manat vəsaitin 86,8 milyon manat vəsaiti məcburi köçkünlərə bankomat vasitəsilə verilmişdi. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlərin arasında yoxsulluq həddi, demək olar ki, son 6 ildə 74 faizdən 25 faizə qədər azalmışdır.
Hörmətli millət vəkilləri, bu çıxışım sizlərdə hesabatı təkrarlamaq təsəvvürü yaratmasın. Görülən işlər məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsinə yönəlib. 1993-cü ilə qədər məcburi köçkünləri adam yerinə qoymurdular. Amma 1993-cü ildən bu günə qədər məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni evlərlə təmin edilməsi bir daha həmin məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasına çox böyük ümid yaradır. Bu gün dövlətimizin bir nömrəli problemi Qarabağ problemidir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Bu problemin də həllinə Ali baş komandanımızın apardığı uğurlu siyasətlə nail olacağıq.
Fürsətdən istifadə edərək, deyilənləri daha təkrarlamamaq şərti ilə mən bütün qaçqın və məcburi köçkünlər adından dövlətimizin başçısı cənab İlham Əliyevə qaçqın və məcburi köçkünlərimizə göstərdiyi böyük diqqətə və qayğıya görə təşəkkür edirəm. Mən bir daha hökumətimizə, onun bütün üzvlərinə təşəkkür edirəm. Qaçqın və məcburi köçkünlərimizin, habelə millət vəkillərinin hər birinin müraciətinə diqqətlə yanaşan Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, komitənin sədri hörmətli Əli müəllimə təşəkkür edirəm. Əminəm ki, məcburi köçkünlər üçün salınan qəsəbələr çox yaxın zamanlarda boşaldılacaq, bu insanlar öz doğma torpaqlarına qayıdacaqlar. Sonda mən hökumətimizin hesabatını yüksək qiymətləndirirəm və deputat həmkarlarımı hesabata səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Bu il Nazirlər Kabinetinin parlamentə verdiyi hesabat çox ciddi maraq doğurur. Çünki məhz 2009-cu ildə – dünya böhranının ən gərgin olduğu bir ildə Azərbaycan hökuməti parlamentin təsdiq etdiyi büdcənin icrası ilə bağlı hesabat verir. Buna görə də müzakirələr və polemikalar kifayət qədər ciddidir. Mən də tamamilə razıyam ki, Nazirlər Kabineti ilk növbədə xüsusi Konstitusiya Qanunu ilə, yəni 2002-ci ildə qəbul edilmiş Konstitusiya Qanunu əsasında hesabat verir və öz fəaliyyəti haqqında Milli Məclisi məlumatlandırır.
Bu hesabatı səciyyələndirən əsas xüsusiyyət ondan ibarətdir ki, hələ iki il öncə cənab Prezident tərəfindən bir sıra qabaqlayıcı fərmanlar, sərəncamlar imzalanmışdır. Artıq bir neçə müddətdir ki, Azərbaycan hökuməti qlobal böhran şəraitindən Azərbaycanın daha az ziyanla çıxması ilə bağlı strateji prinsipləri bilirdi, müəyyənləşdirmişdi. Hər hansı bir gözlənilməz vəziyyətlə biz qarşılaşmadıq. Bu baxımdan hesab edirəm ki, Azərbaycan hökuməti, Azərbaycan iqtidarı ölkə Prezidentinin rəhbərliyi ilə çox təmkinli, çox düşünülmüş, hesablanmış bir iqtisadi siyasət həyata keçirib. Əslində, indi hətta Avropa Birliyinə üzv olan ölkələrin düşdüyü çox acınacaqlı vəziyyət artıq bizlər üçün gözlənilmir.
O fikirlə razıyam ki, parlament nümayəndələri, parlament üzvləri, o cümlədən müxalifət hökuməti tənqid edərkən hansısa bir strateji yanaşmada fərqli bir proqram təqdim etməli, yaxud fərqli bir yanaşma ortaya qoymalıdır. Əgər bunlar yoxdursa, əlbəttə, ayrı-ayrı hallarda rəqəmləri səsləndirmək elə də ciddi səmərə vermir.
Həmkarım Havva xanım tamamilə haqlı olaraq qeyd etdi ki, Dağlıq Qarabağla bağlı məsələ, əslində, Nazirlər Kabinetinin, hökumətin daim diqqət mərkəzində olub. Mübariz müəllim də bunu xüsusi qeyd etdi. Sadəcə, mən xatırlatmaq istəyirəm ki, əlbəttə, bizi tənqid edən müxalifət nümayəndəsi hesabatın 9–10-cu səhifəsindəki “fokus” axtarışından sonra bir qədər də diqqətlə növbəti səhifələrə, misal üçün, 225-ci səhifəyə çatsaydılar, – məlum olur ki, çatmayıblar, – orada qaçqınlar və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı hökumətin gördüyü işlərlə tanış ola bilərdilər. Əslində, bunun səbəbi ondan ibarətdir ki, 10-cu səhifədən o tərəfə getmək mümkün olmayıb.
Dağlıq Qarabağ məsələsi hər birimiz üçün, hökumət üçün də, parlament üçün də prioritetdir. Əslində, bizləri narahat edən ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, bəlkə də bir zaman iqtisadi meyarları əsas götürərək düşünürdülər ki, bunun nəticəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan hansısa güzəştlərə gedə bilər. Bu gün məlumdur ki, bizim çox vacib iqtisadi layihələrimizdən, o cümlədən Bakı–Tbilisi–Ceyhandan bəhrələnən şirkətlər ilk növbədə Qərb ölkələrinindir. Amma onlar, əlbəttə, yanılıblar. Çünki Azərbaycan xalqı, Azərbaycan iqtidarı, Azərbaycan dövləti üçün iqtisadi dəyərlər vacibdir. Amma bizim hər birimiz üçün Azərbaycanın müstəqilliyi, Azərbaycanın müstəqil siyasəti və Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli bir nömrəli vəzifədir. Ona görə də məhz bu mövzuda hər hansı bir möhtəkirliyə yol verilə bilməz.
Mənim xüsusi diqqət çəkmək istədiyim ikinci məsələ isə müdafiə məsələləri ilə bağlı hökumət tərəfindən görülən işlərdir. Bu da xüsusi diqqətə layiq olan bir məsələdir. Məlum səbəblərdən burada bir çox rəqəmlər səslənmir. Amma hörmətli millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin, mətbuat nümayəndələrinin, tanınmış şəxslərin diqqətini bir daha ona yönəltmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fondu mövcuddur. Bu qurum 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanan sərəncamla yaradılmışdır. Məhz indiki vəziyyətdə millət vəkilləri də, ictimaiyyət nümayəndələri də, ümumiyyətlə, xalqımızın bütün tanınmış insanları da bu fonda köçürmələrdə daha da fəal olmalıdırlar.
Bəzən bir sıra beynəlxalq təşkilatlar, bir sıra dairələr Azərbaycana hərbi potensialı artırmaqla bağlı iradlar ünvanlayırlar. Burada hansısa silahlandırma siyasəti görmək istəyirlər. Əslində, Azərbaycanın büdcəsindən faiz nisbətində hərbə ayrılan maliyyəni görsələr, məlum olar ki, Azərbaycan büdcəsinin davamlı inkişafı hərbi müdafiə məsələlərinə ayrılan vəsaiti də artırmış olur. Amma bir daha vurğulayıram, biz çox təəssüf edirik ki, bu yolla Azərbaycanın iqtisadi uğurlarına kölgə salmaq istəyirlər.
Bugünkü mərhələdə bizə olan yanaşma tamamilə aydındır. Azərbaycan regionu həm siyasi baxımdan, həm də iqtisadi baxımdan real, müstəqil bir dövlətdir. Bəlkə də bu, kimlərisə qane etmir, yəqin ki, qane etmir. Cənab Sədr, burada Sizin tərəfinizdən, həmkarım Qüdrət Həsənquliyev və digər millət vəkilləri tərəfindən səsləndirilən fikirlər də təsadüfi deyil. Biz də hər hansı qəzetdə, müxtəlif mətbuat orqanında çıxan yazıları, analitik düşüncələri səsləndirə bilərik. Misal üçün, ABŞ prezidenti Barak Obama seçkilərdən sonra ABŞ-ın siyasətində İraqla bağlı prioritetlərin bundan sonra Əfqanıstana keçəcəyini söyləmişdi. Bir sıra analitiklər var idi və onlar düşünürdülər ki, ABŞ rəhbərliyi Əfqanıstanda daha çox narkotikdən gələn gəlirlərin nəzarətə götürülməsini nəzərdə tutur. Amma bunlar rəsmi olaraq heç yanda səslənmir. Biz də burada kifayət qədər siyasi dözüm nümayiş etdiririk.
O ki qaldı Azərbaycan hakimiyyətinin iqtidarının korrupsiya ilə bağlı ittiham olunmasına, ilk növbədə, buna gərək insanın mənəvi haqqı olsun. O kəslər bu barədə danışa bilərlər ki, özləri hökumətə rəhbərlik edəndə korrupsiyaya qarşı mübarizədə hansısa nümunə göstəriblər. Amma Azərbaycan tarixi bunun tamamilə fərqli olduğunu göstərir.
Burada biz ancaq bir məsələni müzakirə edə bilərik. Hər bir kəsin konstitusion mülkiyyət hüququ var. Bütün dünyada da belədir. Bütün dünyada da siyasilərin, hökumət nümayəndələrinin mülkiyyət hüquqları, səhmləri var. Əlbəttə, daha faydalı olar ki, bu mərhələdə Maraqlar toqquşması haqqında qanun qəbul olunsun. Yəni bu məsələ tənzimlənsin. Bitdi, dünyanın heç bir ölkəsində siz fərqli bir yanaşma görə bilməzsiniz ki, sahibkarlar, iş adamları işlə, yaxud hökumət nümayəndələri, siyasilər isə başqa bir fəaliyyətlə məşğul olsunlar. Bunu tənzimləyən Maraqlar toqquşması haqqında qanun olmalıdır. Bu çərçivəni gözləməklə, hesab edirəm ki, heç bir problem ola bilməz.
Bir daha vurğulamaq istəyirəm ki, indiki şəraitdə hətta bu təzyiqlərə, təpkilərə baxmayaraq, Azərbaycan iqtidarı, Azərbaycan Prezidenti, Azərbaycan hökuməti, hakim partiya vahid müstəqil siyasət yürütməkdə israrlıdır. Bütün dünya ictimaiyyəti üçün aydın olmalıdır ki, Azərbaycan heç zaman özünün müstəqil daxili və xarici siyasətindən, ərazi bütövlüyündən imtina etməyəcək.
Hesab edirəm ki, bu gün Nazirlər Kabinetinin təqdim etdiyi çox mükəmməl sənəd də, Azərbaycanın iqtisadi uğurları da bunun bariz nümunəsidir. Mən hesab edirəm ki, Nazirlər Kabinetinin builki hesabatı da, əvvəlki illərdə olduğu kimi, kifayət qədər qənaətbəxşdir və millət vəkillərindən bu sənədə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox təşəkkür edirəm. Möhtərəm Sədr, hörmətli hökumət üzvləri, əziz millət vəkilləri və media mənsubları! Mən də hamınızı həm ilaxır çərşənbəsi, həm də
Novruz bayramı münasibətilə təbrik edirəm və arzu edirəm ki, hər birimizin fəaliyyəti millətimiz, dövlətimiz üçün xeyirli olsun.
Təbii ki, mən də hökumətin hesabatından danışarkən daha çox hesabatda təqdim olunan rəqəmlərə, hesabatda təqdim olunan Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı proseslərə münasibətimi bildirmək istərdim. Adətən, hökumətin hesabatında həmişə bu şəkildə mövqe bildirmişəm. Amma Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində dünyada və regionda baş verən dinamiklik, mahiyyət etibarilə bir Azərbaycan vətəndaşı, bir millət vəkili, bir partiya sədri və nəhayət, bir qarabağlı kimi məni də çox ciddi şəkildə narahat etdiyi üçün hesab edirəm, bugünkü çıxışım daha çox bu istiqamətdə olacaq. Təbii ki, bu da bilavasitə hökumətin fəaliyyəti ilə bağlıdır. Hökumət bu istiqamətdə daha çox üzərinə yük götürür. Amma hesab edirəm ki, bu gün Azərbaycanın ərazisi təhlükə qarşısındadırsa, sağdan, soldan regionda baş verən hadisələr bütövlükdə xeyrimizə deyilsə, Azərbaycana təzyiq üsulları kimi müxtəlif variantlardan istifadə olunursa, mahiyyət etibarilə Azərbaycanla danışıqlarda masanın üzərinə Madrid prinsipləri adlı bir prinsip qoyub, sonda bunun da Qarabağın təhlükə qarşısında qalması, torpaqlarımızın itirilməsi ilə sonuclana biləcəyini görürüksə, iqtidarlı, müxalifətli, hökumətli, vətəndaşlı hər bir kəs artıq fərqli mövqeni, yəni indiyə qədər Azərbaycan cəmiyyətində səsləndirilməyən, Azərbaycan cəmiyyətində görülməyən bir vətəndaş mövqeyini ortaya qoymağı bacarmalıdır.
Hesab edirəm ki, bu gün bizim yolumuz da, bizim iqtisadiyyatımız da, bizim sənayemiz də, çörəyimiz də, suyumuz da, havamız da dövlətçilik üçün yaranan təhlükədən daha sonrakı mərhələdir. Bizim dövlət strukturları da, vətəndaş da, müxalifət də, iqtidar da ciddi şəkildə bu təhlükənin nədən ibarət olduğunu, bir vətəndaş kimi, ilk növbədə, hamımız bir yerdə qəbul etməliyik. Bir ölkənin vətəndaşları kimi, dövləti və tarixi əraziləri təhlükə qarşısında qalan bir millətin nümayəndələri kimi hamımız bu istiqamətdə birləşməyi bacarmalıyıq. Mən hesab edirəm ki, təhlükələrdən qaçmaq, yayınmaq üçün Azərbaycan xalqının ciddi resursları var. Çox təəssüflər olsun ki, nə Milli Məclis, nə də siyasi partiyalarla məsləhətləşmələr səviyyəsində bunun həlli haqqında, yaxud bizə edilən təzyiqlərə qarşı necə sinə gərmək, necə dayanmaq və bu labirintdən necə çıxmaq yolları haqqında birgə fikirləşmək barədə düşünürük.
Tarixə baxanda Cənubi Azərbaycanın da, Borçalının da, Dərbəndin də, sonrakı mərhələdə Göyçənin, Zəngəzurun, İrəvanın, Zəngibasarın da itirilmə mərhələsində sanki elə həmin proseslər yaşanıb. Bu gün mən çox arzu edərdim ki, həm Milli Məclis, həm hökumət nümayəndələri, həm də cənab Prezident siyasi partiyalara münasibətdə bu məsələləri birgə müzakirə etsin, dünyada bizə təzyiq, təsir etmək istəyən güclərin qarşısına hamı bir yerdə bir millətin nümayəndələri kimi çıxsın.
Çox təəssüf edirəm ki, Madrid prinsiplərinin razılaşdırılması ilə bağlı dünən xarici işlər naziri hörmətli Elmar müəllim də, Yeni Azərbaycan Partiyasının nümayəndələrindən bəziləri də mətbuata Azərbaycan tərəfinin Madrid prinsipləri ilə razılaşdığı barədə müxtəlif mövqelər bildiriblər. Madrid prinsiplərinin mahiyyəti sonda Dağlıq Qarabağın itirilməsidir. Madrid prinsiplərinin mahiyyəti son mərhələdə Dağlıq Qarabağda referendum keçirilməsi və 1988-ci il münaqişəsinin başlama mərhələsində demoqrafik vəziyyətin səviyyəsinə uyğun olaraq referendum keçirilməsidir. Hər kəsə aydındır ki, həmin dövrdə demoqrafik vəziyyət Azərbaycanın xeyrinə olmayıb. Ya zəlzələdən, ya da vəlvələdən biz həmin dövrün demoqrafik vəziyyətinə görə Dağlıq Qarabağı itirə bilərik. Dağlıq Qarabağda referendum keçirilməsi istənilən halda Azərbaycanın maraqlarına ziddir.
Mən anlayıram, ola bilsin ki, bəzi şeyləri hökumət deyə bilmir, bəzi məsələlərdə dövlət siyasəti hansısa sərt radikal addımlar atmağa imkan vermir. Amma bunun üçün Azərbaycan müxalifəti olaraq, biz də dəfələrlə bəyan etmişik ki, istənilən halda bu məsələdə heç bir fikir ayrılığı yoxdur. Hökumətin, dövlət rəhbərinin deyə bilməyəcəyi, iqtidar mənsublarının, rəsmi dövlət siyasətini müəyyənləşdirən insanların deyə bilmədiyi sözü biz – Azərbaycan müxalifəti olaraq, Azərbaycan cəmiyyəti olaraq deməyə hazırıq. Çünki ən son anda biz hamımız bu ölkənin vətəndaşlarıyıq, hamımız bu ölkənin qarşısında məsuliyyətimizi dərk edirik.
Bu gün Madrid prinsiplərinə əsaslanaraq, xarici təsirlərin, regionda baş verən hadisələrin fonunda Azərbaycanın üzərinə basqılar həyata keçirməklə bu siyasəti gerçəkləşdirməyə cəhd edən siyasi qüvvələrin, təbii ki, Azərbaycanda fərqli marağı var. Bu maraqlar çərçivəsində biz özümüzün milli maraqlarımızı, dövlət maraqlarımızı qurban verə bilmərik. Mən hesab edirəm ki, ən ciddi şəkildə bu gün Azərbaycan cəmiyyətini, Azərbaycan vətəndaşlarını toplamağın ən doğru, gerçək vaxtıdır. Mən xarici dövlətlərdə, regionda “erməni genosidi”nin qəbul olunması ilə bağlı edilə biləcək təzyiqlərin, habelə müxtəlif beynəlxalq strukturların bununla bağlı atdıqları addımların, verdikləri təklifin hansı səviyyədə müzakirə olunması barədə geniş informasiya vermək niyyətində deyiləm. Amma hesab edirəm ki, bununla bağlı hökumət strukturları da, Milli Məclis səviyyəsində deputatlar da çox ciddi şəkildə məlumatlıdırlar.
Nəhayət, bir dəfə Milli Məclis səviyyəsində icra strukturu ilə müxalif partiyalar arasında cəmiyyətin siyasətini müəyyənləşdirən, ictimaiyyətə az-çox təsir edə bilən siyasi qüvvələrlə bir arada bu məsələni müzakirə etməliyik. Təbii ki, tarixin bu dönəmində, bu cür məsuliyyətli bir vaxtda hər bir Azərbaycan vətəndaşı da, müxalif siyasi partiyanın nümayəndələri də öz məsuliyyətlərini dərk edirlər. Heç kim qəbul etməsin ki, vəziyyətin bu şəkil almasından hansısa bir müxalif partiya, hansısa bir qeyri-hökumət təşkilatı, yaxud ictimai fikrə təsir edə bilən ayrı-ayrı qurumlar bundan istifadə edə bilərlər.
Mən inanıram ki, Azərbaycanda elə bir siyasi təşkilat, elə bir ictimai-siyasi qüvvə yoxdur ki, ümummilli məsələ, dövlət məsələləri, Qarabağ kimi bir problem ortalıqda olarsa, onun həlli məsələsi bir taleyüklü məsələ kimi ortaya qoyularsa, orada daxili məsələ üçün, daxili vəziyyətin gərginləşdirilməsi üçün bundan istifadə edə bilsinlər. Təbii, ola bilsin ki, hökumətin hesabatı ilə bağlı bu məsələlər yerinə düşən məsələlər deyil. Amma biz, adətən, öyrənmişik ki, daha çox sosial məsələlərə diqqət edilsin. Amma hökumət nümayəndələrinin də, parlamentarilərin də, kütləvi informasiya vasitələrinin də olduğu bir yerdə, bu qədər geniş çapda ilk dəfədir ki, belə geniş bir miqyasda şəxsən mən Qarabağ məsələsinə toxunuram. Hesab edirəm ki, hər birimiz bunu qəbul etməliyik. Bu mənim həm bir vətəndaş, həm millət vəkili, həm də bir partiya sədri, nəhayət, ata-baba yurdundan didərgin düşmüş böyük bir qaçqın ordusunun nümayəndəsi kimi çıxışım idi.
Hesab edirəm ki, bu istiqamətdə çox yaxın zamanda Azərbaycan hökuməti də, Nazirlər Kabineti də, cənab Prezident də, parlament rəhbərliyi də çox ciddi şəkildə ictimai məsləhətləşmələr aparmağa səy göstərməlidir. Azərbaycanı gözləyən təhlükələrə Azərbaycan vətəndaşının bütün təbəqələrindən olan insanların birgə sinə gərməsi üçün, beynəlxalq təşkilatlardan, region dövlətlərindən gələn təhdid və hədələrin qarşısının alınması üçün hamının bir xalq kimi birləşməsinə çox ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! 2008-ci ildə başlanan, hətta inkişaf etmiş ölkələri bürüyən iqtisadi böhran bütün dünyada qloballaşan maliyyə sisteminə öz mənfi təsirini göstərmişdir. Azərbaycan da burada istisna deyil. Lakin Azərbaycanın dövlət başçısı, Azərbaycan hökuməti və Mərkəzi Bankı tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində təsirin qarşısı müəyyən qədər alınmışdır. 2009-cu ildə dünyada ümumi daxili məhsul 2,2 faiz aşağı düşsə də, Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Faktiki olaraq, tikinti sektoru istisna olmaqla, bütün sahələrdə artım olmuşdur. 2009-cu ilin dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsi kəsirlə yerinə yetirilmişdir. Müvafiq olaraq 84,5 və 85,5 faiz olmuşdur.
Bütün bunlara baxmayaraq, müdafiə xərcləri, habelə əmək bankı xərcləri tam yerinə yetirilmişdir. Əhalinin sosial müdafiəsini təyin etmək üçün Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən 520 milyon manat transfer edilmişdir. Təbii qazdan istifadə üzrə əhalinin borclarını ödəmək üçün əlavə 327 milyon manat vəsait ayrılmışdır. Ümumiyyətlə, 2009-cu ildə əhalinin sosial təminatını yaxşılaşdırmaq üçün dövlət tərəfindən bir sıra ciddi tədbirlər həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı, hökumətin hesabatında bir sıra məqamlara mən toxunmaq və öz fikirlərimi bildirmək istərdim. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 7,3 milyard manat investisiya qoyulub. Bunun 80 faizi daxili, 20 faizi xarici investisiyadır. Azərbaycanın dövlət başçısı 2008-ci və 2009-cu illərdə Azərbaycan hökuməti qarşısında iki əsas vəzifə qoyur. Onlardan biri qeyri-neft sektorunun inkişafı, ikincisi isə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Gəlin, indi 2009-cu ildə qoyulmuş investisiya strukturuna baxaq. Həmin strukturda kənd təsərrüfatına 3,5 faiz, emal sənayesinə isə cəmi 4,5 faiz investisiya qoyulmuşdur. Xarici ticarətin strukturunda da problem var. 2005-ci ildən bəri ixracatın 92–95 faizini neft və neft məhsulları təşkil edir. İdxalın isə 55 faizini avadanlıq və ərzaq məhsulları əhatə edir. İxracda neftin olması aydındır. Neft ölkəsidir. Amma burada da mübahisə etmək olar. Çünki son məhsula, yəni neft məhsullarının istehsalına üstünlük vermək lazımdır.
Azərbaycan bu gün pambıq lifini, pambıq parça ipliyini, habelə digər xam malları ixrac edir. Niyə Azərbaycanda bu məhsulların son istehsalı təşkil edilmir? Eyni vəziyyət qida məhsullarında da müşahidə olunur. Təsəvvür edin, Azərbaycana bu gün 90 faizə yaxın duz, 76 faiz bitki yağı, 53 faizə yaxın meyvə-tərəvəz şirələri idxal edilir. Bu yaxınlarda Azərbaycanın dövlət başçısı sahibkarlarla görüşündə qeyd etdi ki, Azərbaycan özünü 150 faiz meyvə-tərəvəzlə təmin edir. Biz özümüzü 150 faiz meyvə-tərəvəzlə təmin ediriksə, niyə 53 faiz meyvə şirəsini idxal etməliyik? Niyə Azərbaycanda xırda sexlərin, emal sexlərinin tikilməsinə şərait yaradılmır?
Digər bir məsələ. Əhalidən cəlb olunan əmanətlərin sayı ilbəil artır. Deməli, 2009-cu ildə əmanətlərin miqdarı 2,3
milyard manata çatır. Bu, böyük məbləğdir. Azərbaycanda bu gün 46 bank fəaliyyət göstərir. Biz 2008-ci ildə “Əmanətlərin sığortalanması haqqında” Qanun qəbul etdik. Hazırda 30 min manata qədər əmanətlər sığortalanıb. Amma çox təəssüflər olsun ki, bu günə qədər həmin bankların bir hissəsi Əmanətlərin Sığortalanması Fondu ilə müqavilə bağlamayıb. Yəni insanlar bilmirlər ki, onların verdiyi əmanətlər sığorta olunur, yaxud olunmur.
Yadınıza gəlirsə, bu yaxınlarda Mərkəzi Bankın nümayəndələrinin biri tərəfindən verilən müsahibə çox böyük ajiotaj yaratdı. 15–20 bank bağlanacaq və sair. Bu, adi haldır. Bankların bağlanmasına və birləşməsinə mən adi hal kimi baxıram. Amerika kimi dövlətdə son bir ildə, yəni 2009-cu ildə 40-a yaxın bank bağlanıb. Ola bilər ki, Azərbaycanda da banklar birləşsin və ya bağlansın. Amma bizi maraqlandıran insanların əmanətidir. Onların əmanətlərinin batmaması üçün Əmanətlərin Sığortalanması Fondu ilə müqavilələr bağlanmalıdır.
Əmanətlərdən söz düşmüşkən, mən Baş nazirin burada olmasından istifadə edərək, sovet vaxtından qalmış əmanətlər problemini qaldırmaq istəyirəm. Dövlət başçısının sərəncamı ilə komissiya yaradılıb. Amma bu günə qədər həmin əmanətlərin verilib-verilməməsi sual altındadır. Mən bu məsələyə də bir balaca aydınlıq gətirilməsini xahiş edirəm. Əhali birdəfəlik bilsin ki, ümumiyyətlə, əmanətlər qaytarılacaq, yoxsa qaytarılmayacaq. Biz bununla əlaqədar minlərlə məktub, şikayət alırıq.
2009-cu ildə sənaye istehsalının 10 faiz azalması göstərilir. Əsas səbəb kimi ixrac olunan məhsulların istehsalının azalması qeyd olunur. Yəni MDB dövlətlərinə, digər yaxın xarici ölkələrə, faktiki olaraq, həmin məhsulların ixracı yox səviyyəsindədir. Amma mən belə hesab edirəm ki, burada daha çox ciddi bir məsələ var. Yəni Azərbaycanda son zaman gedən tikinti işləri ilə əlaqədar şəhərdən kənara köçürülmə adı ilə, faktiki olaraq, bir sıra zavodlar dağıdılır, talan edilir. Onların milyardlarla ölçülən avadanlıqları, faktiki olaraq, ya metalloma verilir, ya məhv edilir, ya da İrana, Türkiyəyə satılır. Ümumiyyətlə, mən deyərdim ki, bu məsələlər çox biabırçı vəziyyətdədir. Faktiki olaraq, həmin za-vodlar heç bir yerə köçürülmür. Bu işlərin içində olan bir adam kimi mən bunu rəsmi formada deyirəm. Ona görə də Hesablama Palatasından xahiş edirəm ki, bu məsələyə diqqəti artırsın. Həmin zavodların köçürülməsi ilə əlaqədar işlərin hansı səviyyədə olması barədə Milli Məclisə məlumat versin.
Burada sosial təminatlarla əlaqədar məsələ qaldırıldı. 2009–2015-ci illərdə Azərbaycan Respublikasında pensiya islahatları ilə əlaqədar cənab Prezident tərəfindən Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramının qəbul edilməsində əsas məqsəd ondan ibarətdir ki, insanların yaşayış şəraiti yaxşılaşsın, yəni pensiya məbləği çoxalsın. Amma təəssüflər olsun ki, keçən müddət ərzində də biz hətta pensiyanın baza hissəsini yaşayış minimumuna çatdıra bilmədik. Bu çox ciddi məsələdir. Azərbaycan hökuməti bunun üzərində işləməlidir.
Digər bir məsələ bankomatlarla əlaqədardır. Milli Məclisdə bu məsələ bir neçə dəfə qaldırılıb. Amma çox təəssüf ki, iş çox ləng yerinə yetirilir. İnsanlar hətta 40–50 kilometr məsafə qət etməklə gəlib bankomatdan pul çıxarmalı olurlar. Yaşlı, ahıl insanlar var. Çox ciddi məsələdir. Mərkəzi Bank və müvafiq banklar ciddi tədbirlər görməlidirlər ki, regionlarda, kəndlərdə bankomatların sayı çoxalsın.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Bir neçə millət vəkili Quba məzarlığının soyqırımla əlaqədar muzeyə çevrilməsi üçün cənab Baş nazir Artur Rasizadəyə müraciət etmişdilər. Sonradan cənab Prezident Qubada oldu. Biz orada da müraciət etdik. Mən cənab Prezidentə də, cənab Baş nazirə də Quba camaatı adından, habelə millət vəkilləri adından öz dərin minnətdarlığımı bildirirəm ki, bu məsələ öz həllini tapdı, vəsait ayrıldı və cənab Baş nazir tərəfindən tədbirlər planı təsdiq edildi.
Digər bir məsələnin həllinə görə də cənab Baş nazirə, habelə Meliorasiya və Su Təsərrüfatı Komitəsinə minnətdarlığımı bildirirəm. Demək olar ki, bir kənd çayın altında qalmaq ərəfəsində idi. Cənab Baş nazirin göstərişi ilə cənab Əhmədzadə indi orada bənd tikir.
Nəhayət, iki xahişim var. Şimal zonasında Azərbaycanla Rusiyanı birləşdirən yeganə Vəlvələ körpüsü var. Bu körpü çox biabırçı vəziyyətdədir. Bununla əlaqədar mən cənab Baş nazirə müraciət etmişdim. Sonradan hörmətli nazirimiz cənab Kəmaləddin Heydərov komissiya göndərib, orada işləyiblər. Doğrudan da, körpünün biabırçı vəziyyətdə olması bir daha sübut olunub. Mən xahiş edirəm ki, bu körpünün təzədən tikilməsi məsələsinə baxılsın və göstəriş verilsin.
İkinci bur məsələ Quba–Şamaxı yolunun tikilməsi ilə əlaqədardır. Cənab Prezident Qubada olarkən bu məsələyə münasibətini bildirib və göstəriş verib. Nəqliyyat naziri cənab Ziya Məmmədov və bizim həmkarımız Cavid Qurbanov bu məsələ ilə ciddi məşğuldurlar. Bu yolun çəkilməsi ilə əlaqədar cənab Baş nazirdən xahiş edirəm ki, maliyyə məsələsini həll eləsin, bu məsələdə bizə köməklik göstərsin.
Ümumi götürəndə, belə hesab edirəm ki, 2009-cu il qlobal maliyyə böhranı ili olmasına baxmayaraq, Azərbaycan hökuməti, Azərbaycanın dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsi məsələsini təmin etmək üçün çox böyük işlər görülüb. Ona görə də mən hökumətin hesabatını qənaətbəxş hesab edirəm. Çox sağ olun.
Sədrlik edən. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox üzr istəyirəm, imkan verin, mən də bir-iki kəlmə söz deyim. Yeni bir şey deməyəcəyəm, hər dəfə olduğu kimi, bəzi deputatlarımızın yadına salmaq istəyirəm ki, biz Nazirlər Kabinetinin hesabatını dinləyirik. Nazirlər Kabinetinin hesabatı beynəlxalq səviyyədə, hamı tərəfindən qəbul edilmiş, tanınmış göstəricilər üzərində qurulub. Bu göstəricilər hər bir hökumətin, ölkənin fəaliyyətini, iqtisadiyyatının mənfi, müsbət cəhətlərini özündə cəm şəklində toplayan göstəricilərdir. Bunları dəyişmək, aldatmaq, saxtalaşdırmaq mümkün deyil, çünki bunlar hamısı bir-birinə elə çox bağlıdır ki, mənfi proseslər o saat üzə çıxır.
İkinci, bu rəqəmlər, göstəricilər tək bizim hökumət tərəfindən, bizim tərəfimizdən təhlil edilmir. Beynəlxalq qurumlar tərəfindən dəyərləndirilir, təhlil olunur, qiymətləndirilir. Ona görə də hesabatı təhlil edəndə, hesabata münasibət bildirəndə, fikrimcə, bunları nəzərə almalı, hesabata bu baxımdan yanaşmalıyıq. Bu baxımdan yanaşsaq, hesabatda təqdim olunan rəqəmlərin, göstəricilərin Azərbaycan iqtisadiyyatının maliyyə-kredit sisteminin bütün sahələrinin dayanıqlı inkişafını görərik.
Əgər müqayisə etmək istəyiriksə, bu da təbii bir haldır, ya keçmişlə, ya qonşu ölkələrlə, ya da iqtisadiyyatının strukturu bizim iqtisadiyyatın strukturuna uyğun olan ölkələrin göstəriciləri ilə müqayisə edə bilərik. Özümüz üçün, araşdırmaq, təsəlli tapmaq üçün bu işi də görsək, həmin göstəriciləri başqa ölkələrlə, bayaq dediyim məqamlara uyğun olan göstəricilərlə müqayisə etsək, görərik ki, doğrudan da, dünyada böhrana dözümlü olan bir neçə ölkə varsa, bunların içərisində Azərbaycan, birinci də olmasa, birincilər sırasındadır. Buna da biz müvafiq qiymət verməliyik. Bu da hökumətin, dövlətin işinin nəticəsidir. Ona görə də mən xahiş edirəm, ya biz müzakirələrimizi bu nöqteyi-nəzərdən davam etdirək, ya da, fikrimcə, buna da ehtiyac yoxdur, münasibətimizi bildirək. Münasibətimizi bildirdikdə hər şey, mənfi və müsbət cəhətlər görünəcək.
Sədrlik edən. Çox sağ olun. Siyahıda 40 deputatın adı var. Gülhüseyn müəllimə hər dəfə növbə çatmır. Sonra deyir, mənə söz vermədilər. O da çıxış eləsin, sonra hesabatı səsə qoyarıq. Gülhüseyn Əhmədov, buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri və hörmətli hökumət üzvləri! Əlbəttə, bu gün burada Baş nazir hörmətli Artur Rasizadə 2009-cu il üçün hesabat verdi. Bizə təqdim olunmuş hesabatın 460 səhifə olmasına baxmayaraq, 2009-cu ildə görülən bütün işlər orada çox aydınlıqla göstərilmiş və təhlil olunmuşdur.
Məlumdur ki, 2008-ci ilin son rübündən başlayaraq inkişaf etmiş ölkələrdə tədricən iqtisadi böhran tüğyan etməyə başladı. Maliyyə böhranının belə bir dövründə Azərbaycan hökuməti dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə ölkənin sosial-iqtisadi həyatında cərəyan edən proseslərin axarında getməsi üçün tələb olunan addımları atmışdı. Respublikamızın iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün bu böhranlı vəziyyətdən cüzi itkilərlə çıxa bilmişdir. Ümumiyyətlə, son beş-altı il ərzində Azərbaycanın hərtərəfli inkişafı keyfiyyət və mahiyyət baxımından daha önəmli mərhələ kimi tarixə düşmüşdür.
Ölkə rəhbərinin səyi nəticəsində qısa zaman ərzində iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər qazanılmışdır. Hökumət əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş zəruri tədbirləri həyata keçirmişdir. Belə bir böhranlı ildə bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, əhalinin aztəminatlı təbəqələrinə dövlət qayğısı göstərilməsi və yoxsulluğun azaldılması istiqamətində işlər davam etdirilmişdir. Artıq yoxsulluq səviyyəsi 11 faizə düşmüşdür.
Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Belə ki, ümumi daxili məhsul 9,3 faiz artmışdır. Dünyanın inkişaf etmiş ölkələrində, əksər dövlətlərdə ümumi daxili məhsul aşağı düşmüşdür. Azərbaycanda bu artım 9 faizi keçmişdir. Bu da son illərdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.
Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu sadəcə davam etdirməyir, o, yeni şəraitin, qloballaşan dünyamızda gedən proseslərin tələblərinə uyğun olaraq həmin kursu yaradıcı şəkildə inkişaf etdirir. Bunun nəticəsidir ki, ümumi daxili məhsulla bərabər sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı isə 3,5 faiz artmışdır. Hökumətin apardığı uğurlu iş nəticəsində makroiqtisadi sabitlik saxlanılmışdır. Hesabat ili üzrə inflyasiyanın səviyyəsi 5 faiz olmuşdur. Keçən il ölkəmizə investisiya qoyulması davam etdirilmişdir. Hesabat ili ərzində 9,2 milyard investisiya qoyulmuşdur ki, bunun da 7,2 milyard manatı daxili sərmayələr hesabınadır.
Dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda yerli şirkətlərin böyüməsi və imkanlarının artması, onlar üçün gözəl şəraitin yaradılması, sahibkarlığın inkişafına ayrılan kreditlər, subsidiyalar, güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası kimi amillər burada mühüm rol oynamışdır. Son illər respublikamızda nəhəng layihələrin həyata keçirilməsi ənənə halını almışdır. Hökumətin apardığı ardıcıl və uğurlu iqtisadi siyasətin nəticəsidir ki, keçən ildə ölkə ərazisində gedən tikinti-quruculuq işlərinin, istehsal sahələri müəssisələrinin, yüzlərlə təhsil, mədəniyyət və səhiyyə obyektlərinin, idman komplekslərinin istifadəyə verilməsinin, avtomobil yollarının və körpülərin salınmasının, metro stansiyaları çəkilişinin, eyni zamanda, modul tipli elektrik stansiyalarının açılışının şahidi olduq. Bütün bunların nəticəsində 74 min yeni iş yeri açılmışdır.
İqtisadiyyatımızın yüksək templə inkişafı, eyni zamanda, ölkəmizin hərbi potensialının möhkəmlənməsinə də öz təsirini göstərir. Bu gün ölkəmizdə müdafiə sənayesi və ordu quruculuğu sahəsində aparılan məqsədyönlü işlər xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Ölkə iqtisadiyyatının ən iri sahələrindən biri və onun ayrılmaz tərkib hissəsi aqrar sahədir. Dünya iqtisadiyyatının qloballaşdığı bugünkü şəraitdə aqrar sektorun sabitliyi, dünya kənd təsərrüfatı bazarına inteqrasiyası və əhalinin tam dəyərli qida məhsullarına olan tələbatının maksimum ödənilməsi, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə kənd təsərrüfatının dayanıqlı, mütəmadi inkişafı hökumətin apardığı aqrar siyasətin ən mühüm vəzifələrindən biridir. Dünyada baş verən böhrana baxmayaraq, respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur. Bunun əsas səbəblərindən biri hökumət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsi üçün subsidiyaların verilməsidir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının satışındakı çətinlikləri həll etmək və məhsulların saxlanılması üçün regionlarda yeni anbar soyuducuların tikilməsi xüsusilə vurğulanmalıdır.
Kənd təsərrüfatında qazandığımız uğurlarla bərabər, hesab edirəm ki, bəzi bitkilərin məhsuldarlığı hələ aşağı səviyyədədir. Belə ki, çayçılıq və pambıqçılıq sahəsində böyük problemlər mövcuddur. Hər iki sahə vaxtilə, 1970–1980-ci illərdə məhsuldarlığına görə çox böyük uğur qazanmışdı. Ölkə iqtisadiyyatının inkişafı üçün pambıqçılığın da, çayçılığın da böyük əhəmiyyəti vardır. Hesab edirəm ki, çayçılığın inkişaf etdirilməsi üçün Lənkəran şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində subtropik bitkilər və çayçılıq ixtisası üzrə şöbənin, yaxud fakültənin yaradılması vaxtı çatmışdır və hökumət bu işdə həmin universitetə köməklik göstərməlidir. Onu da qeyd etmək istərdim ki, çayçılığı inkişaf etdirmək üçün bu sahə ilə məşğul olan fermerlər uzunmüddətli kreditlərin verilməsi ilə təmin olunmalıdır.
Hazırda Milli Məclisdə pambıqçılığın inkişafı haqqında qanun hazırlanır. Yəqin ki, həmin qanun qəbul edildikdən sonra və hökumətin köməkliyi ilə bu sahənin də inkişafını təmin etmək mümkün olacaqdır. Hökumət üzvlərinin burada olmalarından istifadə edərək demək istərdim ki, aqrar sahənin inkişafı üçün ilk növbədə aqrar elminin inkişaf etdirilməsinə çox diqqət yetirilməlidir. Ona görə hökumət üzvlərindən xahişim odur ki, Kənd Təsərrüfatı Nazirliyi sistemində olan elmi tədqiqat institutlarının elmi işçilərinin əmək haqlarının artırılması məsələsini diqqət mərkəzində saxlasınlar.
Biz bu günlərdə Gəncə zonasına getmişdik, hörmətli Sədr. Dövlət Aqrar Komitəsinin üzvləri şahid oldular ki, regionlarda çox böyük işlər gedir. Biz cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2009–2013-cü illər) ilə əlaqədar görülən işlərin şahidiyik. Bunları görməmək, eşitməmək, həqiqətən, allahsızlıqmı, ədalətsizlikmi, insafsızlıqmı olardı. Bütün bunlar Azərbaycanın həyatında davam edir. Bu inkişaf cənab İlham Əliyevin rəhbərliyi ilə, hökumətin iştirakı ilə aparılır.
Sonda qeyd edim ki, 2009-cu ildə ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, əhalinin maddi rifah səviyyəsi artmışdır. Bu isə öz növbəsində deməyə imkan verir ki, respublikamızda yüksək sürətli iqtisadi inkişaf ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2010-cu ildə də davam edəcəkdir. Bu sahədə hökumətin üzvlərinə uğurlu iş arzulayıram. Mən də sonda hesabatı müsbət qiymətləndirirəm və bütün həmkarlarımı səs verməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun. Çıxışa 40 nəfər millət vəkili yazılıb. Mən hesab edirəm ki, hesabatı səsə qoymaq vaxtı çatıb. Qalan çıxışlar yazılı şəkildə verilsin, biz bunları Nazirlər Kabinetinə verərik və cavabları bilinər. Xahiş edirəm, indi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatını nəzərə alaq, bu məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.18 dəq.)
Lehinə 100
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Hökumətə təşəkkür edirik. İndi gündəliyimizdəki məsələlərə davam eləyək.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi ilə əlaqədar cənab Prezident Milli Məclisə müraciət etmişdir. Cənab Prezidentin müraciətində təklif olunur ki, Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilsin.
İqtisadi siyasət komitəsində bu məsələ çox ətraflı müzakirə olunub. Millət vəkilləri, Azərbaycan ictimaiyyəti Elman Rüstəmovu çox yaxşı tanıyır. Elman Rüstəmov üçüncü dəfədir ki, cənab Prezident tərəfindən bu vəzifəyə təklif olunur. Elman Rüstəmov haqqında danışmağa ehtiyac yoxdur. Bircə onu demək istərdim ki, cənab Prezident Azərbaycan Mərkəzi Bankının apardığı pul-kredit siyasətini çox yüksək qiymətləndirir və qlobal maliyyə böhranı şəraitində milli valyutanın məzənnəsinin qorunmasında, ölkədə maliyyə sabitliyinin təmin edilməsində Mərkəzi Bankın böyük rolu var və bu banka da həmkarımız Elman müəllim uğurla rəhbərlik edir. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Məlahət İbrahimqızı, buyurun.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən də bu gün əvvəlcə bütün həmkarlarımı, eləcə də seçicilərimizi, möhtərəm Prezidentimizi, ölkəmizin birinci xanımını həm ilin axır çərşənbəsi, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm.
Hökumətimiz müvəffəqiyyətlə hesabat verdi. Ziyad Səmədzadənin sözünü təsdiqləyərək həmkarlarımı hörmətli Elman Rüstəmovu dəstəkləməyə çağırıram. Həqiqətən də, Elman müəllim deyilən fikirlərə layiq bir insandır. Xahiş edirəm, bu məsələnin səsverməsini müzakirəsiz keçirəsiniz.
Sədrlik edən. Elə biz müzakirəsiz keçirmək istəyirdik. Xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.22 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 3
Səs verməd 1
İştirak edir 107
Nəticə: qəbul edildi
Çox sağ olun, təsdiq edildi. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli millət vəkilləri, cənab Prezidentin müraciəti ilə Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilməsi təklif olunur. Xəqani Sərxan oğlu Abdullayev barədə materiallar millət vəkillərinə paylanmışdır. Ancaq onu deyə bilərəm ki, Xəqani Abdullayev respublikada pul siyasətinin formalaşması, həyata keçirilməsi, makroiqtisadiyyat və makroiqtisadi siyasət, iqtisadi proqnoz sahələrində peşəkar biliklərə malikdir. Cavan olmasına baxmayaraq, uzun illərdir ki, bank sistemində uğurla fəaliyyət göstərir. Çox böyük gələcəyə malik olan istedadlı maliyyə işçimizdir. Millət vəkillərindən onun da namizədliyinə müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 4
Səs verməd 2
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Biz Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini bir daha təbrik edirik. Söz verək Elman Rüstəmova, sözünü desin, sonra keçək gündəliyin növbəti məsələsinə.
E. Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Minnətdaram, cənab Sədr. İlk növbədə cənab Prezidentə mənə təkrarən göstərdiyi yüksək etimada görə minnətdarlığımı bildirmək istəyirəm. Mən Milli Məclisin rəhbərliyinə, millət vəkillərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezidenti və sizi əmin etmək istəyirəm ki, bundan sonra da qüvvə və bacarığımı cənab Prezidentin irəli sürdüyü siyasi kursun reallaşmasına, ölkəmizin inkişafına və onun çiçəklənməsinə sərf edəcəyəm.
Sizin hamınızı qarşıdan gələn ilin son çərşənbəsi və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Demək olar ki, Milli Məclislə mənim artıq başa çatan fəaliyyət dövrüm eyni vaxta düşür. Mərkəzi Bank kimi biz daim Milli Məclisin dəstəyini gördük, bir sıra böyük işlər birgə həyata keçirildi. Vaxt azlığından bunları deyə bilmirəm. Mən bu qarşılıqlı fəaliyyət üçün öz minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim, Sizi təbrik edirik, Sizə uğurlar arzulayırıq!
Gündəliyin növbəti məsələsi Rüfət Aslanlının Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqındadır. Bilirsiniz ki, o, yeni təyinat alıb. Xahiş edirəm, bu məsələyə də münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 3
Səs verməd 2
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, təsdiq edildi. Bir daha sizi bayram münasibətilə təbrik edirəm, hamınıza uğurlar, cansağlığı arzulayıram. Sağ olun.