01.02.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 133
Milli Məclisin iclas salonu.
1 fevral 2010-cu il. Saat 12.
Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
1 fevral 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2010-cu il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, yaz sessiyasının başlanması münasibətilə sizi təbrik edir, bu sessiyada hamınıza uğurlu iş arzulayıram!
Bildiyiniz kimi, Milli Məclis ötən sessiyada 80-ə yaxın qanun layihəsi qəbul etmiş və öz qanunvericilik səlahiyyəti daxilində üzərinə düşən vəzifələri bütünlüklə yerinə yetirmişdir.
Keçmiş sessiya ərzində Milli Məclisin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir. 21 ölkəyə Milli Məclisin 40-dan çox nümayəndə heyəti getmiş, eləcə də Azərbaycana xarici dövlətlərin və beynəlxalq təşkilatın 15-dən artıq nümayəndə heyəti gəlmişdir. Bu, Milli Məclisin xarici əlaqələr üzrə işinin ən bariz göstəricilərindən biridir. Bu dövr ərzində Milli Məclisin deputatları Özbəkistanda və Ukraynada keçirilmiş seçkilərdə müşahidəçi qismində iştirak etmişlər.
Bildiyiniz kimi, ötən sessiya ərzində Azərbaycanda bələdiyyə seçkiləri keçirilmişdir. Bu bələdiyyə seçkiləri çox yüksək səviyyədə keçmişdir.
Bu gün yaz sessiyamızın ilk iclasıdır. Bilirsiniz ki, bu sessiyada Konstitusiyaya uyğun olaraq 2009-cu il büdcəsinin icrası haqqında məsələ gündəliyə çıxarılacaq, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrlə İş Mərkəzinin hesabatları dinləniləcəkdir. Milli Məclisin yaz sessiyasının sizə paylanmış qanunvericilik işləri planından görünür ki, qarşıda bizi gərgin iş gözləyir.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 105
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, gündəlik üzrə işimizə başlaya bilərik. Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak eləmək istəyənlər yazılsınlar. Buyurun, Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Milli Məclisin yaz sessiyasının başlanması münasibətilə bütün deputat həmkarlarımı, eyni zamanda, parlamentin rəhbərliyini təbrik edir və qarşıdakı sessiya ərzində uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Milli Məclis bu yaz sessiyası ərzində Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni həyatının hüquqi bazasının yaradılması istiqamətində yeni qanunlar qəbul edəcək və indiyə qədər qəbul edilmiş qanunların bir hissəsində müəyyən dəyişikliklər edəcəkdir. Mən bu sessiyanın iş planı ilə və bizim iclasın gündəliyi ilə tanışam. Demək olar ki, bunların hamısı çox mühüm məsələlərdir. Ümid edirəm ki, iclas günü ərzində bu məsələlər haqqında fikir mübadiləsi ediləcək.
Ancaq bununla bərabər, bir sıra məsələlərin də gündəliyə, eyni zamanda, yaz sessiyasının iş planına daxil edilməsini arzu edərdim. Artıq bir neçə ildir, bu məsələlər bizim Məclisdə müzakirə olunur və təəssüflər olsun ki, öz hüquqi həllini tapa bilmir. Bunlardan ən mühümü Neft haqqında qanundur. Ölkəmizin iqtisadiyyatının əsasını neft təşkil edir. Neft haqqında baza qanunu olmalıdır və neftdən istifadənin hüquqi əsasları tənzimlənməlidir. Bir müddət deyildi ki, bu qanun hazırlanır. Sonra bir müddət üstündən sükutla keçildi. Sonra bir müddət də belə bir qanuna ehtiyacın olduğu inkar edildi. Əgər ölkəmizin ən cüzi sərvətləri haqqında qanun qəbul olunursa, neft haqqında baza qanunu mütləq qəbul edilməlidir. Mən bu qanunun hazırlanıb gündəliyə çıxarılmasını təklif edirəm.
İkinci, Oqtay müəllim, Bakı şəhərində 2000-ci ildən başlayaraq tikilmiş bir sıra binalar indi qeyri-müəyyən vəziyyətdə qalıb. 146 binaya sakinlər köçüblər, amma bu binalar qazla təmin olunmur. Binalar tikiləndən sonra qəbul olunmuş qanuna istinad edilərək qeyd edilir ki, bunlarda müəyyən problemlər var. Nə problem varsa, həll olunmalıdır, sakinlər qazla təmin olunmalıdırlar.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də millət vəkillərini yeni sessiyanın başlanması münasibətilə təbrik edirəm. Məclis uğurlu fəaliyyət göstərir. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların hüquqi bazasının yaradılması istiqamətində çoxsaylı qanunlar qəbul edirik. Ölkədə islahatların davamlı olması istiqamətində böyük işlər görürük. Bu gün də bizə təqdim olunan gündəlikdə bununla bağlı məsələlər vardır. Eyni zamanda, gündəlikdə 2010-cu ilin yaz sessiyasının qanunvericilik işləri planı da var.
Mən söz almışkən bir məsələyə toxunmaq istəyirəm. Biz bilirik ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində düşmən əlinə keçən torpaqlarımız yalnız Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər deyil, eyni zamanda, Naxçıvanla həmsərhəd ərazilərdə, Qazax və Tovuz tərəfdə də işğal olunmuş ərazilərimiz var. Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərini bütövlükdə müəyyənləşdirərək onların statusunu beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə dəqiqləşdirib bir qanun qəbul etmək zərurəti vardır. Ona görə də hesab edirəm ki, Milli Məclis yaz sessiyasında mütəxəssislərin, ekspertlərin, deputatların, komissiyaların iştirakı ilə Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun hazırlayıb qəbul etməlidir. Bu qanunda biz işğal olunmuş ərazilərimiz və həmin ərazilərin statusu məsələlərini beynəlxalq normalara uyğun şəkildə müəyyənləşdirməliyik.
Belə bir qanunun qəbul edilməsi həm hüquqi, həm siyasi, həm də təbliğati baxımdan çox əhəmiyyətlidir. Dünyada işğala məruz qalan və ərazisi işğal altında olan ölkələrin əksəriyyəti bu tipli qanunlar qəbul edib, həmin qanunlar vasitəsilə ərazisinin işğal altında olduğunu təsdiq ediblər. Doğrudur, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası səviyyəsində müxtəlif sənədlərdə Azərbaycan ərazilərinin işğal altında olması qeyd olunur. Amma həmin ərazilərə bu və ya digər xarici dövlətlərin şirkətlərinin, qurumlarının müdaxiləsi və sair məsələləri elan eləmək, əvvəlcədən bunun qarşısını almaq və bununla bağlı hüquqi nəticələri bəyan etmək zərurəti vardır. Ona görə də mən təklif edirəm ki, biz belə bir qanun işləyib hazırlayaq və bu qanunda işğala məruz qalan bütün ərazilər, qanunun preambulasında isə ümumilikdə, Azərbaycanın işğala məruz qalmış tarixi əraziləri haqqında qeydlər öz əksini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının işə başlaması münasibətilə sizi təbrik edirəm. Hesab edirəm, bu yaz sessiyası dövründəki fəaliyyətimiz dövlətimiz, millətimiz üçün xeyirli olacaq. Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının iş planında respublikamız üçün əhəmiyyətli qanun layihələrinin olduğunu görürük. Amma hər il burada hökumət hesabat verərkən və müvafiq məsələlər müzakirə olunarkən güc strukturlarının və o cümlədən Xarici İşlər Nazirliyinin rəhbərliyinin də hökumətin hesabatı dönəmində Milli Məclisə gəlib bu iclaslarda iştirak etməsini tələb etməyimizə rəğmən heç bir irəliləyiş olmur.
Mən hesab edirəm ki, hökumətin mart ayında gözlənilən hesabatında, xüsusilə Müdafiə Nazirliyi rəhbərliyinin burada iştirakı vacibdir. Azərbaycan Ordusunda son dönəmlərdə baş verən hadisələr millət vəkili olaraq bizə əsas verir ki, Azərbaycan Ordusunun məsələsini qapalı iclasda müzakirə edək. Günü-gündən baş verən hadisələr, ölüm hadisələri, bir əsgərin başqa əsgərə qarşı silah tətbiq etməsi, bundan bir il əvvəl Seyfəlidə, bu yaxınlarda isə Daşkəsən hərbi hissəsində baş vermiş hadisələr göstərir ki, bu sahədə vəziyyət olduqca neqativdir. Bu neqativliyi aradan qaldırmaq üçün səlahiyyətli qurumlarla yanaşı, təbii ki, Milli Məclis də öz sözünü deməlidir. Azərbaycan Ordusu Azərbaycan dövlətinin qarantıdır. Hesab edirəm ki, bu sahə xüsusilə nəzarətdə olmalıdır. Həm icraedici, həm də qanunverici orqanlar tərəfindən bu sahəyə ciddi nəzarət olmalı və burada baş verən hadisələr hər zaman diqqətdə saxlanılmalıdır. Təəssüflər olsun ki, bunların heç birini biz edə bilmirik. Dəfələrlə burada tələb etməyimizə baxmayaraq, bu strukturlar nəinki Milli Məclisə, heç ictimaiyyətə də geniş, doğru-dürüst açıqlama vermirlər.
Mən hesab edirəm ki, baş verən hadisə Azərbaycanın hər bir vətəndaşını ciddi şəkildə narahat etməlidir. Orduda hər birimizin övladları, yaxınlarımız, qohumlarımız qulluq edirlər. Sabah baş verə biləcək bir hadisə hər birimizin, yaxınlarımızın, ailəmizin taleyindən keçə bilər. Normal dövlətlərdə belə hallar ikinci dəfə baş verəndə Müdafiə Nazirliyi və onun baş qurumları istefaya gedir. Çox təəssüflər olsun ki, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində belə bir cəsarət olmadı, heç olmasa, o cəsarət də olmadı ki, konkret günahkarı cəzalandırsın. Bu tip hadisələri, adətən, ölən adamın ya psixi durumu, ya da hər hansı probleminin olması ilə əlaqələndirib, nəticə etibarilə günahı ölənlərin üzərinə yıxırlar. Amma Azərbaycan Ordusunda cinayət halları varsa, ilk növbədə o cinayətləri törədən səbəblər araşdırılmalıdır.
Sədrlik edən. İqbal müəllim, narahat olmayın, cinayət işi açılıb. Cinayət istintaq qrupu yaradılıb, məlumat veriləcək. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Sağ olun, hörmətli Sədr. Ancaq mən istərdim, yaz sessiyasının iş planı müzakirə olunanda çıxış edim.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Hesab edərək ki, bu, axırıncı tammüddətli sessiyadır, təklif edirəm ki, nəhayət, bu 5 il ərzində bir dəfə də olsa, müvafiq icra hakimiyyəti orqanlarının və dövlət başçısının iştirakı ilə Qarabağ məsələsinin müzakirəsini həyata keçirək. Bilirsiniz ki, hazırda Qarabağ məsələsi ətrafında çox narahatlıq doğuran vəziyyət yaranıb və bu situasiyanın may ayına kimi hansı şəkildə qurtarması barədə cəmiyyətdə də müəyyən həyəcanlı gözləntilər və narahatlıqlar davam eləməkdədir.
İkinci məsələ. Bu yaxınlarda, nəhayət, bizim də səsləndirdiyimiz məsələ dövlət başçısı tərəfindən həyata keçirildi, əhalinin qaz borclarının dövlət büdcəsi hesabına ödənilməsi barədə fərman verildi. Mən xatırlayıram, biz burada belə təklif edərkən Yeni Azərbaycan Partiyasının rəhbərliyi və hətta hörmətli Sədrimiz də bunu sosializmin bərqərar olması kimi dəyərləndirmişdi. Stenoqramlarda bu məsələlər var. Hesab edirəm ki, bu məsələ davam etdirilməlidir. Həm su üçün, həm də elektrik enerjisi üçün sayğaclar qoyulana qədərki dövrü əhatə edən borclar ya dövlət büdcəsi, ya da hansısa başqa bir mənbə hesabına ödənilməlidir. Çünki həm Azərenerjinin, həm də suyun dolayısı yolla Neft Şirkətinə borcları var, hansısa əvəzedilmələr vasitəsilə bu məsələni nizama salıb, vəziyyəti kardinal şəkildə düzəltmək olar. Hərçənd ki, burada borc deyilən məbləğin korrupsiya ilə mənimsənilməsi aydındır. Amma hər halda, təkrar edirəm, nəhayət ki, bu məsələdə irəliyə doğru addım atılmalıdır.
Üçüncüsü, hesab edirəm ki, hazırda dönə-dönə səsləndiri lən qızıl amnistiya məsələsini gündəmə gətirməliyik. Son illərdə ənənə halını alıb, hörmətli deputat Mehriban Əliyeva tərəfindən hər il amnistiya təklif olunur. Müsavat deputat qrupu bəyan edir ki, belə bir layihə hazırlanırsa, biz də bu işdə iştirak eləməyə və köklü amnistiyanın Milli Məclis tərəfindən verilməsi üzərində işləməyə hazırıq.
Nəhayət, heç şübhəsiz, bizim ağrılı problemlərimizdən biri jurnalistlərə qarşı repressiya məsələsidir. Hörmətli deputat Cəlal müəllim indi də bir redaktorun birinci müavinini məhkəməyə verib və onu həbs etdirmək istəyir. İndi Eynulla Fətullayevə, Qənimət Zahidə ”Yeni Müsavat” qəzeti redaktorunun birinci müavini Azər Ayxan da əlavə oluna bilər. Ona görə hesab edirəm, bu məsələyə son qoymaq lazımdır. Həm adını çəkdiyim şəxslərin həbsdən azad olunması, həm də Diffamasiya qanununun qəbul edilməsi ciddi zərurət halını almışdır.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, cənab Sədr. Mən də yaz sessiyasının başlanması münasibətilə həmkarlarımı təbrik edi- rəm. Oqtay müəllim, ilk öncə həmkarlarımıza İtaliyaya olan səfərimiz barədə məlumat vermək istəyirəm. Bir qrup millət vəkili bu yaxınlarda İtaliyaya səfər elədi. Orada həm Senatda, həm də Nümayəndələr Palatasında çoxlu sayda görüşlər oldu. Biz Qarabağ probleminin həll olunmaması ilə bağlı məsələləri xüsusilə diqqətə çatdırdıq. Qeyd edim ki, onlar da bu münaqişənin həllini tapmamasından öz narahatlıqlarını bildirir və bu proseslərdə Minsk qrupunun üzvü kimi daha fəal iştirak etmək arzusunda olduqlarını bizim diqqətimizə çatdırırdılar, istəyirdilər ki, Azərbaycan hökuməti də bu məsələdə öz sözünü desin və ən azı Minsk qrupunun həmsədrləri məsələsinə yenidən baxılsın. Ona görə ki, biz orada Minsk qrupu həmsədrlərinin hamısının ermənipərəst mövqedən çıxış etdiyini, Fransada, Amerikada böyük erməni diasporunun olduğunu, bu ölkələrin hökumətlərinin də onların müəyyən mənada təsiri altında olduğunu vurğulayırdıq. Hər halda İtaliya ilə ölkəmiz arasında əlaqələri genişləndirmək üçün çox böyük imkanlar olduğunu onlar hər görüşdə xüsusi vurğulayır və Azərbaycana xüsusi önəm verdiklərini bizim diqqətimizə çatdırırdılar.
Mən burada bir neçə məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Hörmətli həmkarlarım Mübariz Qurbanlının və İqbal Ağazadənin qaldırdığı məsələlərə qoşuluram və hesab edirəm ki, Milli Məclisin səlahiyyəti var ki, hər hansı bir naziri, yaxud vəzifəli şəxsi Milli Məclisə dəvət edib, müvafiq dinləmələr keçirsin. Bizə bu səlahiyyət ona görə verilib ki, bu cür hallarda biz bu statusdan istifadə edək. Yoxsa elə onsuz da hüquq mühafizə orqanları var idisə, onda gərək Milli Məclisə heç belə bir səlahiyyət, hüquq verilməyəydi. Mən də təklif edirəm ki, silahlı qüvvələrdəki vəziyyət Milli Məclisdə müzakirə olunsun.
Həmkarım Pənah Hüseynin qaldırdığı məsələ ilə bağlı isə söyləmək istəyirəm ki, ümumiyyətlə, tez-tez əfv fərmanlarının verilməsi və bu əfv fərmanlarında onlarla, yüzlərlə insanın əfv olunması vətəndaşların Konstitusiya, qanun qarşısında bərabərliyi prinsipinin pozulması deməkdir və ölkədə cinayətkarlığa qarşı mübarizəyə mənfi təsir göstərir. Nəzərə alaq ki, ölkədə qanunvericiliyin aliliyi bizim arzuladığımız səviyyədə deyil. Ona görə də mən düşünürəm ki, əfvlər, amnistiyalar beş ildən bir, on ildən bir müvafiq yubileylərlə bağlı verilə və müstəsna hal kimi bir-iki nəfər əfv oluna bilər.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm, cənab Sədr. Mən də həmkarlarımı və dəyərli mətbuat nümayəndələrini yaz sessiyasının başlanması münasibətilə təbrik edir və bu sessiyanın uğurlu başa çatmasını arzu edirəm. Hörmətli Oqtay müəllim, burada məndən əvvəl çıxış edən həmkarlarımın qeyd etdiyi kimi, milli ordumuzda baş verən hadisə xalqımızı sarsıdan, cəmiyyətdə ciddi narazılığa səbəb olan hadisədir. Doğrudur, bu hadisənin araşdırılması ilə bağlı müvafiq istintaq qrupu yaradılıb. Ancaq mən təklif edirəm ki, cənab Sədr, Ziyafət müəllimin rəhbərlik elədiyi komitənin üzvlərinin və bəlkə də digər millət vəkillərinin iştirakı ilə həmin hərbi hissəyə deputat qrupu göndərilsin. Onlar hadisənin təfərrüatı yerində tanış olsunlar. Cəmiyyətə dolğun, dürüst bir məlumat çatdırılsın. Keçən il mən həmin korpusda oldum. Bu və ya digər narahatçılıqlarla bərabər, texniki baxımdan müxtəlif müsbət tendensiyaların da şahidi oldum. Ancaq son illərdə baş verən bütün hadisələr bu korpusda baş verdiyindən, düşünürəm ki, bu korpusda çox ciddi kadr dəyişikliklərinə ehtiyac var. Ona görə belə bir deputat qrupunun həmin hərbi hissəyə, korpusa göndərilməsinə böyük bir ehtiyac var.
Cənab Sədr, bu il seçki ilidir. Milli Məclisə biz keçən il də, ondan əvvəlki il də Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim etmişdik. Düşünürəm ki, insanlarımızın bu seçkiyə inamının artırılması və bütün siyasi qüvvələrin seçkilərdə bərabər iştirakının təmin edilməsi üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin olmasına böyük ehtiyac var. Eyni zamanda, mətbuatda oxuyuruq ki, Yeni Azərbaycan Partiyasında təmsil olunan insanların da proporsional seçki sisteminin bərpası ilə bağlı fikirləri, müsbət rəyləri var. Ona görə düşünürəm ki, bu seçki öncəsi proporsional seçki sisteminin bərpası ilə bağlı müvafiq qanun qəbul eləmək mümkündür.
Son olaraq, daha bir məsələyə toxunmaq istərdim. Cənab Sədr, bilirsiniz ki, Sumqayıt şəhərində enerji təchizatı ilə bağlı məsələ idarəetməyə verilmişdir. Bir-iki il fəaliyyət göstərsələr də, problemlərin öhdəsindən gələ bilmədilər. Son aylarda bu sahədə çox ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərdən sonra orada çalışan minlərlə insan əmək haqlarının ya demək olar ki, 50 faizini alır, ya da uzun müddət ala bilmir. Orada çalışan insanlar bu dəqiqə hansı quruma tabe olduqlarını da heç doğru-dürüst bilmirlər.
Sədrlik edən. Aydın oldu. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də ilk növbədə bütün həmkarlarımı yeni sessiyanın – yaz sessiyasının başlanması münasibətilə təbrik edirəm. Milli Məclis keçən sessiyada çox məhsuldar işlədi, çox mühüm qanunlar qəbul etdi, – Siz qeyd elədiniz, – geniş beynəlxalq əlaqələrə malik oldu. Qarşıdan parlament seçkiləri gəlir. Tam məsuliyyəti ilə demək olar ki, biz bu dövrdə də zəruri qanunlar qəbul edəcək və çox məhsuldar işləyəcəyik.
Mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Deputat həmkarlarım bir neçə məsələ haqqında fikir söylədilər. Mən onların fikirləri ilə şərikəm. Amma elə məsələlər var ki, bununla əlaqədar hər hansı bir fikrin deyilməsinin vaxtı var, zamanı var və bu gözlənilməlidir. Cəmiyyətdə gündə yüzlərlə cinayət hadisəsi baş verir, ordu da cəmiyyətin bir hissəsidir. Ordu cəmiyyətdən kənar bir şey deyil və cəmiyyətdə baş verən hadisələrə, təbii ki, orduda da təsadüf olunur. Bilirsiniz ki, hərbi prokurorluq tərəfindən artıq son hadisə ilə bağlı istintaq işi başlanıbdır və qısa müddət ərzində də nəticələr göstəriləcəkdir.
Mən bir şeyi deyə bilərəm. 1990-cı illərin əvvəllərinə nisbətən indi çağırışa nəinki çağırış yaşına çatan vətəndaşlar gedir, hətta vaxtilə bu və ya digər şəkildə çağırışdan yayınmış insanlar da rəsmi şəkildə ərizə ilə müraciət edirlər ki, biz hərbi xidmətə getmək istəyirik. Bu, orduda olan vəziyyətin, insanların orduya olan münasibətinin göstəricisidir. Yəni kimsə əvvəllər qaçıb gizlənir, xəstəlik kağızı çıxarırdısa, indi artıq həmin xəstəlik kağızı çıxaranların özləri müraciət edirlər ki, biz sağlamıq və orduda xidmət eləmək istəyirik. Bunları nəzərə alaraq mən hesab edirəm ki, indi hər dəfə hansısa bir hadisə ilə bağlı Müdafiə Nazirliyinin, silahlı qüvvələrin və yaxud da hüquq mühafizə orqanlarının Milli Məclisdə hesabatını dinləməyə ehtiyac yoxdur. Onlar Ali baş komandan qarşısında hesabat verməlidirlər və Ali baş komandan qarşısında da hesabatlarını mütəmadi olaraq verirlər.
İndi dinlədiyimiz çıxışlardan birində Seçki Məcəlləsi ilə əlaqədar fikir söylənildi. Bu gün Azərbaycan Seçki Məcəlləsi ilə azad, ədalətli, demokratik seçki keçirilir və keçiriləcəkdir də. Çünki orada hər hansı bir nöqtə, vergülün dəyişməsi ilə yeni heç nə baş verməyəcək. Biz hər dəfə hər seçkiqabağı elə Məcəllədən yapışırıq. Biz ən əsası öz tərəfdaşlarımızı tapmalıyıq və onlar qarşısında özümüzün siyasi çəkimizi artırmalıyıq.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar, mən də yaz sessiyasının başlanması münasibəti ilə sizi təbrik edir, hamınıza uğurlar diləyirəm. Mən indi əsas məsələ, işlər planı haqqında danışmaq istəyirdim. Amma düşündüm ki, ilk növbədə burada Qüdrət Həsənquliyevin səsləndirdiyi bir fikrə münasibətimi bildirməliyəm. Çünki mən 1995-ci ildən Əfv komissiyasının üzvüyəm və fəxr edirəm ki, bu komissiyanın üzvləri siyahısında mənim də adımın qeyd olunduğu fərmana mərhum Heydər Əliyev imza atıb. Qüdrət Həsənquliyev deyir ki, tez-tez əfv fərmanları verilir və bu da ölkədə cinayətkarlığı artırır. Bu, tamamilə yanlış fikirdir. Əvvəla, biz yalnız o adamları əfv edirik ki, onlar peşman olublar, cəza müddətləri, demək olar ki, başa çatmaqdadır, əlildirlər və sair. Əlbəttə, başqa yüngülləşdirici hallar da olur. Mən sizə bir fakt deyim. 1995-ci ildən bu yana biz 7–8 minə yaxın adamı əfv eləmişik və statistika göstərir ki, o 7–8 minin içərisində bəlkə də 5–10 nəfər təkrarən cinayət törədib yenidən islah-əmək müəssisələrinə qayıdıb. Komissiya tərəfindən buraxılan insanların əksəriyyəti heç vaxt ikinci dəfə, üçüncü dəfə cinayət törətmir. Bax bu, əsas sübutdur ki, bizim təqdim elədiyimiz siyahılar üzrə Prezident tərəfindən verilən əfv fərmanları cəmiyyətimizin xeyrinə işləyir. Mən deyərdim ki, bu, prezidentlərimizin böyük humanistliyini göstərir. Demək olmaz ki, biz hər ay böyük fərmanlar təqdim edirik və Prezident onlara qol çəkir. Belə deyil. İldə bir dəfə, yarım ildə bir dəfə yığışırıq və o işləri çox ciddi araşdırıb siyahı tərtib edirik. Ona görə də mən hamınızı əfv məsələlərində bir az diqqətli olmağa çağırıram. Mənə elə gəlir ki, ümumiyyətlə, cəmiyyət Əfv komissiyasının fəaliyyətindən və əfv fərmanlarından razıdır. Ona görə də mən elə hesab edirəm ki, belə məsələləri qaldırmaq düzgün deyil. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov buyursun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən burada deyilən bəzi məsələlərlə əlaqədar öz fikirlərimi sizinlə bölüşmək istəyirəm. Sözsüz ki, Daşkəsəndə baş verən hadisə bizim hamımızı, o cümlədən ordunun rəhbərliyini çox ciddi narahat edir. Hadisə baş verən günün səhəri mən komitə sədri olaraq, müdafiə naziri və mətbuat xidməti ilə əlaqə saxladım. Onlar artıq ora komissiya göndərmişdilər. Yəni bu sahədə çox ciddi işlər gedir. Cinayət işi qaldırılıb. Sözsüz ki, çox ciddi digər tədbirlər də görüləcək. İstəyirəm, bunu biləsiniz.
İkinci bir məsələ. Burada proporsional seçki sistemi ilə bağlı məsələ qaldırıldı. Bilirsiniz, biz bəzən unuduruq ki, Milli Məclisin deputatı seçilmişik və qanunvericilik işləri ilə məşğul oluruq. 2008-ci ilin mart ayında referendum keçirmişik. Bundan cəmi bir il keçib. İndi biz başlayırıq ki, gəlin, bu məsələni referenduma çıxaraq. Üzr istəyirəm, axı, gündə referendum keçirmək olmaz. Bu məsələ əgər ciddi idisə, o vaxt qaldırmaq lazım idi. Əgər bu məsələ referendumda qəbul olunmayıbsa, deməli, buna ehtiyac yoxdur. Mən hesab edirəm ki, bu gün Azərbaycanda partiyaların çoxluğu hələ seçkilərin partiya sisteminin təşkil olunması demək deyil. Bəli, bu gün Azərbaycanda partiyalar çoxdur. Əlbəttə, bu, klassik sistem formasına gəlib düşəndə, nə vaxtsa ona keçmək olar.
Mən başa düşə bilmirəm, majoritar seçki sistemi sizi niyə qorxudur? Niyə biz seçici ilə bilavasitə əlaqədə olmaqdan çəkinirik? Hamımız siyahıya can atırıq, adımız yazılsın ora, getsin MSK-ya, gedək bir-iki yerdə çıxış edək, bununla da gəlib oturaq Milli Məclisdə. Deputat seçilmək istəyirsən, buyur get, seçicinin dərdi ilə tanış ol, get onunla işlə, onu inandır, o da sənə səsini versin. Majoritar seçki sisteminin çox müsbət xüsusiyyətləri var. Mən burada Konstitusiya dərsi açmaq istəmirəm. Sadəcə olaraq, biz keçirdiyimiz referendumun nəticələrinə hörmətlə yanaşmalıyıq.
Digər bir məsələ. Burada jurnalistlərlə bağlı, yenə də həmişə olduğu kimi, populist çıxışlar edilir. Əvvəla, mən də o fikrimdə qalıram ki, hər bir insan, – istər jurnalist olsun, istərsə də digər peşə sahibi olsun, fərqi yoxdur, – qanun qarşısında, Konstitusiya qarşısında, məhkəmə qarşısında bərabərdir və etdiyi əmələ görə cavab verməlidir. Son illər müşahidə olunan bir tendensiya məni çox incidir. Deməli, hər hansı bir peşə sahibi məhkəməyə veriləndə, nədənsə heç bir narazılıq olmur. Amma hər hansı bir jurnalist bu və ya digər cinayət əməli törətdiyi üçün məhkəməyə, məsuliyyətə cəlb ediləndə o saat ajiotaj başlayır. Niyə, axı bu nədəndir? Bax siz özünüz həmişə deyirdiniz ki, bütün dünyada insan hüquqlarının bir nömrəli müdafiəçisi məhkəmədir. Yaxşı, deputatın şərəf və ləyaqəti təhqir olunursa, o, məhkəməyə müraciət eləməsin, bəs hara müraciət eləsin? Hüquqi dövlətdə məsələni məhkəmə ilə həll edərlər də. Hələ məhkəmə olmayıb, hələ istintaq gedəcək, bəlkə məhkəmə bəraət verəcək, biz indidən o iddia qaldıran şəxsə deyirik ki, yox e, sən ərizəni geri götür. Ay balam, bu bunun hüququdur. Mən, sadəcə, başa düşə bilmirəm, bəs bu nə etsin? Səni təhqir etsinlər, böhtan atsınlar, amma sən iddia qaldırma. Bu yaxınlarda Sarkozi Fransanın sabiq Baş nazirini məhkəməyə vermişdi. Sarkozi hesab edirdi ki, bu şəxs onun şərəf və ləyaqətini təhqir edib. Fransada şərəf və ləyaqətin təhqirindən söhbət gedir, amma bizə deyirlər, diffamasiya haqqında qanun qəbul edin.
Bir məsələni deyim sizə. Siyavuş müəllim burada oturubdur, Allah şahididir. İki il bundan əvvəl biz Budapeştdə NATO-nun Parlament Assambleyasında bir tədbirdə idik. Sonuncu gün şəhərin meri qonaqların şərəfinə ziyafət verirdi. Başqa ölkələrdən olan bəzi həmkarlarımız ziyafətə həyat yoldaşları ilə gəlmişdilər. Təbii ki, musiqi də var idi və in-sanlar rəqs də edir, əylənirdilər. Bizim gürcü deputat həmkarlarımızdan biri bir italyan deputatın xanımını rəqsə dəvət elədi və italyan kişisi, yəni həmin xanımın həyat yoldaşı buna çox sərt reaksiya verdi. Biz eyni stol arxasında oturmuşduq. Burada nə olub ki, dünya dağılmayıb ki? İndi bu, rəqs eləmək istəyir. O kimdir, deyir, mənim arvadımı rəqsə dəvət eləsin? Mən bunu özümə təhqir hesab edirəm. Bunu Avropa kişisi deyir. Siz də başlamısınız, diffamasiya haqqında qanun qəbul edin. Əgər bu gün hər hansı bir Avropa deputatı həyat yoldaşının rəqsə dəvət olunmasını özünə təhqir hesab edirsə, görün, sabah bu təhqirlə böhtan bizim Cinayət Məcəlləsindən çıxandan sonra nə baş verəcək. Siz bunu təsəvvür edirsiniz? Elə bu, Avropadan gəlib deyə ağına-bozuna baxmadan deyirlər gəlin, bir də bunu qəbul edək. Ay qardaş, axı bir mentalitet də var, axı bunun üçün bir yetişmək də var. Fransa bu mədəniyyətə birdən-birə gəlib sahib olmayıb. Fransızlar bu mədəniyyətə gəlib çıxmaq üçün gör nə qədər qurbanlar verib, qan töküb, gilyotinlərlə başlar kəsiblər. Yadınıza salın, hörmətli tarixçilər, 1789-cu il Fransa inqilabında nələr elədilər? Nəhayət, beşinci respublikanı qurdular. Yəni beşinci respublikaya gəlib çıxmaq üçün bunlar nə qədər çətin yollardan keçiblər. Bilirsiniz, hər şey birdən-birə olmur.
Mən yenə o fikrə qayıdıram ki, Azərbaycanda hamı Konstitusiya, qanun və məhkəmə qarşısında bərabərdir. İnsanları ayrı-ayrı növlərə bölmək olmaz. Bu jurnalistdir, toxunulmaz şəxsdir, hətta söysə də, döysə də, təhqir eləsə, böhtan atsa belə buna dəymək olmaz. İndi “yaxşı” bir tendensiya yaranıb. Yazırlar: “etibarlı mənbənin verdiyi məlumata görə...” Bu etibarlı mənbə kimdir? Bunun adını aç da. Bu nə sözdür? Yalan deyir, heç bir etibarlı mənbə yoxdur, uydurmadır. Etibarlı mənbənin verdiyi məlumata görə, filan... Ay qardaş, Cəlal müəllim, – mən onun vəkili qismində çıxış eləmək istəmirəm, onun öz vəkili də var, müdafiə edəcək, onun mənim müdafiəmə ehtiyacı yoxdur, – hörmətli adamdır, akademikdir, Milli Məclisimizin deputatıdır, ağsaqqal adamdır, axı bu yazını yazanda bir fikirləş, götürüb elə nə gəldi yazırsan. Bu, insanın heysiyyətinə toxunur, sağlamlığına toxunur, şərəf və ləyaqət var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma bir şeyi mən əlavə edim ki, hələ Avropa ölkələrinin çoxu diffamasiya haqqında qanun qəbul etməyibdir. Mən çıxış eləmək istəmirdim. Ancaq bugünkü müzakirədə yekun kimi nəsə bir-iki kəlmə söz demək istəyirəm. Mən keçən sessiyada demişdim ki, üçüncü çağırışın son ilidir. Bu sessiya isə üçüncü çağırışın tam müddətli son sessiyasıdır. Üçüncü çağırış Milli Məclis bu dörd il ərzində işini ləyaqətlə, yüksək səviyyədə aparıb. Mən çox istəyərdim ki, biz işimizi elə o ləyaqətlə də davam etdirək. Ancaq son vaxtlar mən hərdən televiziyaya baxanda, qəzetləri oxuyanda təəssüf hissi keçirirəm. Bəzi millət vəkillərinin media vasitələrində çıxışlarından elə çıxır ki, Milli Məclis işləmir, Milli Məclis səlahiyyətsizdir. Qəribədir ki, Milli Məclis haqqında belə fikirlər söyləyənlərin özləri də Milli Məclisin üzvləridirlər. Bu deputatlar mövqesiz insanlardır. Söz var, tribuna var, hamı sözünü deyə bilər. Milli Məclisi tənqid etməklə özlərinə mövqe qazanmaq istəyirlər.
Şükür Allaha ki, burada hər kəs bir-birini yaxşı tanıyır. Xalq da hamımızı yaxşı tanıyır. Ancaq elə bir dəstə yaranıb ki, bunların işi-gücü son vaxtlar Milli Məclis haqqında danışmaqdır. Elə bil, özləri Amerikada işləyirlər, Milli Məclisdə yox. Bu məsələlərin kökü var. Mən kökləri araşdırmaq istəmirəm. Hər kəsə aydın oldu, kimlər haqqında söhbət gedir, nəyə görə bu söhbət gedir. Çox təəssüflər olsun ki, mediada da çox vaxt populist çıxış edən millət vəkillərini çox yüksək səviyyədə reklam edirlər. Ancaq hamı əla bilir ki, Milli Məclisdə qanun qəbul edənlər, qanun üzərində işləyənlər, əziyyət çəkənlər kimlərdir.
Bu işləməyən Milli Məclis necə oldu ki, 4 il ərzində 938 qanun qəbul etdi? Bu qanunları kim qəbul edib? Onları biz qəbul etmişik. Yəni bu bir kollektivdir. Mən indi “ləyaqət” sözü işlətdim. Sözünüz varsa, tribuna var, tribunadan deyin. Ona görə xahiş edirəm, bu son sessiyada diqqətli olaq, öz işimizi görək. Bizim işimiz qanunvericilikdir, qanunvericilik fəaliyyəti ilə məşğul olaq, çalışaq ki, üçüncü çağırışı ləyaqətlə, şərəflə başa vuraq. Çox sağ olun.
İndi gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Qanunvericilik planı sizə paylanıb. Əgər bu qanunvericilik planına aid sözünüz varsa, buyurun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm, qanunvericilik işləri planını daha da təkmilləşdirməklə 2010-cu ilin bu bütöv yaz sessiyası dönəmində Milli Məclisin işini daha da fəallaşdıra bilərik. Bunun üçün bir sıra qanun layihələrinin müzakirə edilməsini təklif edirəm. Gündəlik müzakirə edilərkən Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı məsələyə münasibət bildirildi və deputat həmkarlarımızın bəziləri də buna etiraz etdilər. Amma Seçki Məcəlləsində bir məsələ Azərbaycan ictimaiyyətini, o cümlədən seçki prosesində iştirak edən tərəfləri ciddi şəkildə narahat edir. Bu ən əvvəl komissiyaların tərkibi və onların yenidən formalaşdırılması məsələsidir. Azərbaycan müxalifəti uzun illərdir bu məsələdə israrlı mövqe nümayiş etdirir və seçki komissiyalarının paritet əsasında formalaşdırılmasını etimad mühitinin yaradılması ilə əlaqələndirir. Bu, doğru yanaşmadır. Hesab edirəm ki, bu ilin parlament seçkiləri ili olduğunu nəzərə alıb Seçki Məcəlləsində bu tip dəyişikliklər edərək tərəflərin etimad göstərə biləcəkləri komissiya formalaşdırmaqla Azərbaycanda demokratik seçki mühitini formalaşdırmaq mümkündür.
Digər tərəfdən, Seçki Məcəlləsində bundan əvvəl mövcud olan bir maddə keçən dəfə bizim də etiraz etməyimizə baxmayaraq, Seçki Məcəlləsindən çıxarıldı. Bu, girov qoymaqla qeydiyyata alınma məsələsi idi. Bələdiyyə seçkilərində biz belə bir halın şahidi olduq ki, dairə komissiyalarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında namizədin xeyrinə toplanmış 15 imzadan ikisini, üçünü etibarsız hesab edib, həmin namizədi qeydə almırlar. Bu da bir daha göstərir ki, ölkədə sifarişlə, insanları siyasi mövqeyinə görə kateqoriyalara bölməklə qeydiyyata alma prinsipi həyata keçirilir. Ona görə də bu sessiyada israrla tələb edirik, – biz bunu ATƏT-in Baş ofisi ilə də, ayrı-ayrı diplomatik korpuslarla da, Venesiya komissiyası ilə də müzakirə etmişik, – Seçki Məcəlləsində namizədin girov qoymaqla qeydə alınması məsələsi bərpa olunmalıdır. Biz keçən sessiyada Seçki Məcəlləsində bu dəyişiklik ediləndə bunun geri götürülməsinin əleyhinə idik. Son nəticədə biz də gördük, – kim isə gətirdi bunu və xatırlamıram həmin millət vəkilinin adını, – dedi, müxalifətin də istəyi ilə biz bunu geri götürdük. Bu heç zaman Azərbaycan müxalifətinin istəyi olmayıb, Azərbaycan müxalifəti heç zaman seçicinin və o cümlədən namizədin mənafeyinə xidmət edən bəndin Seçki Məcəlləsindən çıxarılmasının tərəfdarı olmayıb. Ona görə də Seçki Məcəlləsinə bu sessiyada dəyişiklik edilməsi 2010-cu ilin sonunda keçiriləcək parlament seçkiləri üçün yeni bir stimul, o cümlədən Azərbaycanda beynəlxalq təşkilatlar qarşısında yeni dönəmə hazırlıq kimi bir avantaj verə bilər.
Burada Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı çox sərt mövqelər olub. Mən təbii qəbul edirəm, ola bilsin ki, Azərbaycanda jurnalistikanın elə forması tapılıb ki, bu gün yeri gəldi-gəlmədi hamını təhqir edirlər, şərəf və ləyaqəti ilə oynayırlar və sair. Amma biz dəfələrlə burada iki jurnalistin – Eynulla Fətullayevin və Qənimət Zahidin həbsdən azad olunması ilə bağlı müraciətlər etmişik. Azərbaycan ictimaiyyətinə də, millət vəkillərinə də, başqalarına da bəllidir ki, bu jurnalistlərin üzərində olan cinayət işlərinin motivi onların həbsinə əsas verən amil deyil. Məsələn, Qənimət Zahidin həbsində üzünə duran qız var idi. Siz bilirsinizmi, Qənimət Zahidin həbsindən sonra polis məhz həmin dönəmdə həmin qızın axtarışda olduğu ilə bağlı məlumat verdi. İndi diqqət edin, həmin qız axtarışda ola-ola polisdə ifadə verir, polis bunun ifadəsi əsasında adam həbs edir və bu qızın axtarışda olduğunu bilmir. Belə olanda Avropa Şurasını da, Azərbaycan ictimaiyyətini və müxalifətini də ciddi şəkildə bir məsələ narahat edir. Bu, sifarişli həbs deyilmi? Həbsxanada Eynulla Fətullayevin üzərində heroin tapılması da bu cür düşünməyə əsas verir. Penitensiar sistemdə xidmətkeçmə haqqında qaydaya dəyişiklik ediləndə mən, hörmətli Ziyafət müəllim, burada çıxışımda bildirdim ki, penitensiar sistemə nəzarətdə məsuliyyəti bu nəzarəti həyata keçirən insanların üzərinə yox, orada çalışanların üzərinə qoymaq və onları daha ciddi şəkildə cəzalandırmaq lazımdır. Hər kəs etiraz etdi ki, yox. Görürsünüz, indi əgər həmin məsuliyyət olsa idi, heç kim o qondarma oyunu içəridə qurmağa maraqlı olmazdı. Mən çox təəssüf edirəm ki, bu gün Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı səsləndirdiyimiz fikirlərin kökündə məhz bu cür ədalətsiz yanaşmalar durur.
Bu günlərdə məhkəməyə verilən Azər Ayxanla bağlı məsələdə də ciddi bir şey yoxdur. Adam yazır ki, “Bakı” mehmanxanası kimə isə mənsubdur. Mənsub deyil, bir dənə məktub yaz ki, hörmətli filankəs, ay jurnalist, ora mənə mənsub deyil. O da çap eləsin ki, bura bunun deyilmiş, bağışlayın, səhv etmişəm. Get məhkəməyə müraciət elə ki, o mehmanxananın mənim olması barədə məlumat mənə təhqirdir. Mən başa düşmədim. Bu gün mən yazsam ki, Ziyafət müəllimin, tutaq ki, parlamentdə dövlət tərəfindən ayrılan filan markalı maşını, həqiqətən də, Ziyafət müəllimindir, bu, Ziyafət müəllimə təhqirdir? Belə təhqir olurmu? Məhkəmə də elə onun əsasında tutub həbs edəcək. Ona görə Diffamasiya haqqında qanunun qəbul olunmasını istəyirik. Yox, əgər bu tip məsələlərdə ədalətli yanaşma olacaqsa, təbii ki, biz də dediyiniz kimi, Azərbaycan mentalitetini nəzərə alacağıq.
Mən bayaqkı çıxışımda ordu məsələsini, Müdafiə Nazirliyi məsələsini də qaldırdım. Hər kəs də deyir ki, dərhal istintaq qrupu yaradılıb. Bilirsinizmi, həmin istintaq qrupları necə fəaliyyət göstərir? Mən çıxışımda qeyd etdim, həmin istintaq qrupları sonda ölən əsgəri günahkar çıxaracaq, o əsgəri o vəziyyətə çatdıran şəraitin nədən ibarət olduğunu araşdırmayacaq. Bax, Azərbaycanda istintaq qruplarının 99 faizi bu şəkildə işləyir və məhkəmə də o cür qərar verir. Niyə? Əsgəri o vəziyyətə çatdıran şərait nədir, nədən ötrü olub? Biz deyirik ki, gündəlik məişətimizdə də bu tip hadisələr baş verir. Məişətimizdə baş verən hadisələrin kütləvi qətllə heç bir əlaqəsi yoxdur. 6 nəfər adam ölüb və biz hər birimiz bilirik ki, orduda əlində silah olan adamı o vəziyyətə gətirib çatdırırlarsa, ölənlərin sayı 6 yox, 16 da ola bilər. Məsələnin mahiyyəti, fəlsəfəsi bundadır. Bax, bunu doğuran şəraiti Müdafiə Nazirliyi tapmalıdır. Çox təəssüflər olsun ki, istintaq Seyfəli hərbi hissəsində baş verən vəziyyətlə bağlı araşdırmada bir nəticəyə gəlmədi ki, bunu doğuran şərait nədir, sabah da Daşkəsəndə baş verən hadisənin istintaqı həmin şəraitin nədən ibarət olmasını aşkarlamayacaq. Bundan söhbət gedir, hörmətli millət vəkilləri, başqa şeydən söhbət getmir. Bax bu məsələlərin hamısı ciddi şəkildə bizi narahat etdiyinə görə deyirik, Müdafiə Nazirliyi hesabat verməlidir və bu, qapalı toplantıda müzakirə olunmalıdır. Mən burada hələ başqa əyər-əskikləri, təbii ki, Azərbaycan ordusu ilə bağlı məsələ olduğu və informasiyanın kənara çıxmaması üçün açıqlamıram. Amma qapalı toplantı olarsa və Səfər Əbiyev burada iştirak edərsə, deyiləcək çox sözümüz var. Şəxsən mənin orduda baş verənlərlə bağlı deyiləcək çox sözüm var.
Təbii ki, burada Qarabağ məsələsi də gündəmə gətirildi. Mən də çox istərdim ki, yaz sessiyasında biz, heç olmasa, Qarabağ məsələsini müzakirə edək, görək Qarabağ məsələsində Azərbaycanın gözləntiləri, Azərbaycana təklif olunan variantlar nədir, Madrid prinsipləri çərçivəsində biz nələri müzakirə edirik. Madrid prinsipləri çərçivəsinin indiki və sonrakı fəsadları, Azərbaycana gətirə biləcəyi xeyir, regionda durumun nə dərəcədə dəyişə bilməsi, regionda Azərbaycanın yeri və mövqeyi, gələcəkdə Azərbaycanın hansı problemlərlə üzləşə biləcəyi barədə açıq fikir mübadiləsi aparaq və biz də bilək ki, bu problemin bu gün masa üzərinə qoyulan şərtləri nədən ibarətdir. Nədən biz o şərtləri bilməməliyik? Bu məsələ Ermənistan parlamentində komissiyalar səviyyəsində də, parlament səviyyəsində də dəfələrlə müzakirə olunursa, niyə Azərbaycan parlamentində müzakirə olunmamalıdır?
Mən hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanuna da yenidən baxmaq lazımdır. 5 ildir Azərbaycan parlamentində biz “Siyasi partiyalar haqqında” Qanunun yenidən baxılması və təkmilləşdirilməsi ilə bağlı mövqe ifadə edirik. Çox təəssüflər olsun ki, hər il bu məsələ gündəmə gəlir, amma hansı səbəbdənsə Siyasi partiyalar haqqında qanun layihəsi müzakirəyə çıxarılmır. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Çox təəssüf ki, hörmətli Sədrimiz iclasda yoxdur. Amma yəqin ki, mənim burada deyəcəklərimi eşidər. Elə bizim indi müzakirə etdiyimiz konkret məsələ, yəni qanunvericilik işləri planı parlamentin işi haqqında çox aydın bir təsəvvür yaradır. Biz heç də digər yerlərdə arxadan danışmamışıq, dəfələrlə bildirmişik ki, Azərbaycan parlamentinin işi Konstitusiyaya və Milli Məclisin işini tənzimləyən qanunvericiliyə uyğun həll edilmir.
Birincisi, Milli Məclisin Daxili Nizamnaməsində və daimi komitələri haqqında qanunda yazılıb ki, Milli Məclisin sessiyalarının birinci iclasında komitələrin hesabatları dinlənilir. Niyə bu hesabatlar gündəliyə salınmır və niyə müzakirə olunmur?
İkincisi, burada 5 ildir biz dəfələrlə deyirik ki, Azərbaycan Milli Məclisində deputatların qanunvericilik təşəbbüsü hüququ praktik olaraq ləğv edilib, qanunsuz olaraq, Konstitusiyaya zidd olaraq ləğv edilib. Bunun da sübutu elə bu qanunvericilik işləri planlarıdır. Birinci bəndə baxın. Burada qanunvericilik təşəbbüsünün subyektləri sadalanır. Onların arasında deputatlar yoxdur. Niyə yoxdur? Niyə deputatların təqdim etdiyi qanun layihələrinin müzakirəsi Milli Məclisin işlər planına daxil edilmir? İndi Hüquqi normativ aktlar haqqında təzə qanun layihəsi hazırlanır. Ondan sonra, ümumiyyətlə, bu mümkün olmayacaqdır. Amma hər halda bu gün belə məhdudiyyətlər yoxdur. Niyə bura salınmır? Hər dəfə deyilir. Bu məsələ müxtəlif deputatlar tərəfindən, hörmətli İlyas müəllim və digərləri tərəfindən də, mənim tərəfimdən də qaldırılıbdır.
Üçüncüsü, qanunda birbaşa yazılıb və indi Konstitusiyada da öz əksini tapıb ki, təqdim olunan qanunvericilik layihələri əsaslandırılmalıdır. Eyni zamanda, indi qüvvədə olan “Hüquqi normativ aktlar haqqında” Qanunda təqdim edilən qanunvericilik layihələrinin əsaslandırılması ilə bağlı sənədlərin qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan sənədlərə, müraciətlərə, göndəriş məktublarına əlavə edilməsi haqqında birbaşa müddəa var. İndi Hüquqi normativ aktlar haqqında yeni Konstitusiya qanununda onu ləğv etmək istəyirlər. Amma hələ ki, qüvvədə olan qanunda bu müddəa ola-ola niyə bu gün qanun layihələrinin əsaslandırılması ilə bağlı sənədlər bizə təqdim edilmir?
Daxili Nizamnamədə birbaşa, imperativ qaydada yazılıb ki, qanunvericilik layihələrinin müzakirəsi onu təqdim edən qanunvericilik təşəbbüsçüsünün və yaxud onun nümayəndəsinin təqdimatı ilə başlanır. Burada nümayəndə kimi maliyyə naziri və başqa icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edirlər. Bu qanunvericilik layihələri Nazirlər Kabinetində, digər icra hakimiyyəti orqanlarında hazırlanır və əsasən, Prezidentin imzası ilə gəlir. Bu 5 ildə bir dəfə də olsun belə bir təqdimat olmuşdurmu? Niyə olmur? Niyə gəlmirlər, niyə saymırlar? Niyə Milli Məclisin deputatlarına burada hər hansı bir qanun layihəsinin əsaslandırılması ilə bağlı məlumat verilməsi, onların suallarına cavab verilməsi təşkil edilmir? Çox biabırçı haldır, çox anormal və qanunsuz haldır.
Mən bu dediklərimi hörmətli Siyavuş müəllimlə və özünü ondan daha mahir natiq hesab edən opponentlərlə debatlarda əsaslandırmağa hazıram. Bu, biabırçı haldır. Birinci yazılır, sonra axırda danışmaq üçün yerini dəyişirlər. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar arasında mən Siyavuş müəllimin fəallığını təqdir edir və qiymətləndirirəm. Yəqin, YAP üçün başqa bir neçə Siyavuş müəllim tapmaq çox çətindir. Bu reallıq da ortadadır.
Bir daha təkrar edirəm ki, bu cür hallara burada dəfələrlə yol verilibdir, Milli Məclisdə çıxışların müddəti dəfələrlə qanunsuz olaraq 5 dəqiqəyə və 3 dəqiqəyə endirilibdir. Dəfələrlə yerlərdən təkid edənlərin olmasına baxmayaraq, müzakirələr yarımçıq saxlanılıb və təkid edənlərə söz verilməyibdir.
Ən nəhayət, – mən bunu deməzdim, amma hörmətli Sədr bunu dedi, – “Elektroenergetika, qaz təchizatı və su təchizatı haqqında” Qanunun saxtalaşdırılması ilə bağlı rüsvayçı qərarı qeyd etmək istərdim. Bu, dövlətin əsaslarını sarsıdan bir addımdır. Burada bizə bununla bağlı hələ də doğru-düzgün bir cavab verilmir. Milli Məclisin Mətbuat xidmətinin hansısa bir müxtəsər məlumatı ilə işlərini bitmiş hesab etdilər. Bütün dünya... Buna hətta əvvəlcə inanmaq istəyən olmadı. Məndə olan məlumata görə, indi də stenoqramı təhrif etmək istəyirlər. İndi çapdan çıxsın, baxaq görək orada nə var. Belə hallara yol verilməməlidir. İndi biz bunları deməyəkmi? 5 ildə biz burada Müsavat deputat qrupu olaraq brifinq keçirmək üçün bir yer tapa bilmirik.
Sədrlik edən. Pənah bəy, onları demisən, onlar məlumdur.
P. Hüseyn. Dedilər, yeni korpus tikiləndə olacaq. Hanı? Çox sadalamaq olar. Əlbəttə ki, bu, təkcə Sədrdən, yaxud hörmətli Sədrin müavinlərindən, rəhbərlikdən asılı olan məsələ deyil. Bunların bir çoxunun siyasi rejim kökləri var. Amma hər halda müəyyən məsələlər də buradan asılıdır. İndi bu, hörmətli Oqtay müəllimin dalınca danışmaq kimi qiymətləndirilməsin. Mən arxaca danışmağı heç sevmirəm. Amma yəqin ki, eşidir.
Keçirəm konkret olaraq bu iş planı ilə bağlı təkliflərimə. Hörmətli Siyavuş müəllim indi çıxış edəcək, cavab verər. Müstəqil Azərbaycanda keçirilən seçkilər tarixində ən biabırçı seçki bu son bələdiyyə seçkiləri oldu. YAP üzvləri üsyan etdilər. Müxalifət yox idi. Mən son dövrdə müxalifətə belə bir çağırışla tez-tez müraciət edirəm ki, çəkilin xalqla bu iqtidarın, YAP-ın arasından, görün xalq o iqtidara və YAP-a hansı cavabı verəcək. Vaxt gəlib çatıbdır. Burada bir çoxları müxalifətə minnətdar olmalı, hələ bəzilərini mükafatlandırmalıdırlar və bəlkə də mükafatlandırırlar ki, onlar xalqla iqtidar arasında belə bir rol – aralıq qat rolunu oynayırlar. Bu biabırçı seçkilər göstərdi ki, Yeni Azərbaycan Partiyası, bu iqtidar hətta kənd yerində bələdiyyə seçkisini normal keçirməyə qadir deyil və bunun səbəblərindən biri də bu biabırçı qanundur. Bu qanun mütləq dəyişdirilməli, komissiyalar məsələsi mütləq gündəmə gəlməlidir. Builki parlament seçkiləri ərəfəsində, nəhayət ki, biz bu yanlışlıqlardan qurtarmalıyıq. Yoxsa bunun axırı yaxşı qurtarmayacaqdır.
Burada bəziləri elə bilir ki, qanunvericilik işləri planı yalnız qanun layihələridir. Mən bu plana baxıram. Burada qanun layihələrindən başqa bir məsələ yoxdur. Axı qanunvericilik, – indi burada bizim hörmətli hüquqşünas alimlərimiz də var, – həm də qərarlardır. Bu qərarlar Konstitusiyanın müvafiq maddələrində Milli Məclisin müzakirəsini zəruri saydığı məsələlər barədə qərarlardır. İndi burada bunların bəziləri səsləndi – Qarabağ məsələsidir, Xocalı soyqırımı məsələsidir, vəzifəli şəxslərin Milli Məclisə çağırılıb deputatların sorğularına cavab verməsi məsələsidir və sair. Niyə bu məsələlər bura salınmır, niyə burada yoxdur?
Mən gələn seçkilərdə sizin hamınıza uğurlar arzulayıram. Amma bu cür Seçki Məcəlləsi ilə, bu cür şəraitlə, bu cür komissiyalarla sizin əksəriyyətiniz kənarda qalacaq. Sizi heç, ümumiyyətlə, qeydə almayacaqlar. Belə bir şəraitdə siz heç qeydə alınmağa cəsarət etməyəcəksiniz. Ona görə də siz bu məsələyə, heç olmasa, öz marağınız üçün ciddi yanaşın və bir yerdə əl-ələ verib iş görək.
Burada Ziyafət müəllim deyir ki, referendum keçirmək çətin məsələdir, referendumu hər gün keçirməzlər. Bəli, bu fikirlə mən də razıyam, referendum böyük xərc istəyir, böyük əziyyət istəyir. Amma indi müddəti də azaltmışıq və mən hesab edirəm, proporsional seçki sistemi o qədər vacib və mühüm məsələdir ki, bunun xətrinə o referendumu keçirmək olar. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bunu deyirlər və biz bu məsələdə onlarla həmrəyik.
Hörmətli Ziyafət müəllim, mən bayaqkı çıxışımda Sizin sonradan üzərində 5 dəqiqə dayandığınız diffamasiya məsələsinin bu sessiyanın iş planına daxil edilməsini təklif edirdim və indi də edirəm. 2007-ci ildə hörmətli Cəlal müəllim eyni mətnlə, – görünür, vəkili eyni adamdır, – Yaşar Cəfərli və Rövşən Kəbirli barədə şikayət ərizələri ilə məhkəməyə müraciət etmişdi. Ərizələrə mən baxmışam, eynidir. Onlara 2 il iş verilmişdi. Sonra Avropa Məhkəməsi bu qərarları düzgün saymadı. O qərarlar ləğv edildi. Hazırda həmin işlərə Azərbaycan məhkəmələrində yenidən baxılır.
Hörmətli Ziyafət müəllim, əlbəttə, heç kəsə, o cümlədən jurnalistlərə də kiminsə şərəf və ləyaqətini təhqir etmək hüququ verilmir. Şərəf və ləyaqətin alçaldılmasına görə hər cür cavab verməyə, o cümlədən məhkəmədə cavab verməyə hazır olmaq lazımdır. Amma şərəf və ləyaqətin müdafiəsi üçün Mülki Məcəllənin müvafiq müddəası var. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı cinayət məsuliyyəti barədə müddəanı biz ləğv edək. Bizim təklifimiz və Diffamasiya qanununun mahiyyəti də bundan ibarətdir.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, təklif olunan qanunvericilik işləri planında bizi cəlb edən xeyli qanun layihəsi var. Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, ola bilsin ki, nəhayət, bu sessiyada qəbul olunsun, elm və ali təhsillə bağlı qanun layihələri var. Ümid edirəm ki, onlar bu sessiyada kifayət qədər dəqiqliklə müzakirə olunub qəbul ediləcək. Qanunvericilik işləri planında öz əksini tapmış qanunların millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm.
Bununla bərabər, mövcud qanunların işləmə dərəcəsini müəyyən etmək, məncə, çox vacibdir. Vətəndaş doğru deyir ki, yaxşı qanunlar var, amma onlara əməl edən yoxdur. Məsələn, korrupsiya ilə mübarizə haqqında bir neçə qanun var, prokurorluqda korrupsiyaya qarşı mübarizə idarəsi var və sair. Amma Azərbaycan korrupsiyanın yayılmasına görə dünya ölkələri sırasında ən bərbad yerlərdən birini tutur.
Başqa bir misal çəkim. Məhkəmələr qərar çıxarır, amma qərarların yerinə yetirilməsi böyük bir problemə çevrilir. Məhkəmə qərarlarının icraçıları da vətəndaşdan haqq istəyirlər. 2002-ci il 27 dekabr tarixində “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilib. Qanunun məqbul konsepsiyası var, bir sıra maddəsi hətta çox gözəldir. Məsələn, bu qanunun 7.1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə zəruri tədbirlər görür”. Diaspora ilə İş üzrə Dövlət Komitəsi isə tərsinə edir. Rəsmi Tbilisiyə Gürcüstandakı Azərbaycandilli məktəblərin bağlanması təklifini verir. Üstəlik, Gürcüstanda gürcü dilinin öyrədilməsi üçün büdcə vəsaitindən ildə 250–300 min manat ayırır. Məncə, bu yanlış praktikaya son qoyulmalıdır.
Adı çəkilən qanunun 7.3-cü maddəsində də çox əhəmiyyətli bir məsələ var: “Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını ödəmək üçün Azərbaycan Respublikasının digər dövlətlərdə olan elm və mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir”. Biz də beynəlxalq praktikada çox yayılmış kültür mərkəzləri praktikasından istifadə etməliyik. Soydaşlarımızın çox olduğu ölkələrdə, ilk növbədə qonşu İranda Azərbaycan mədəniyyət mərkəzinin yaradılması günün tələbidir.
Bu qanunun başqa bir çox qiymətli maddəsi də var. 7.4.6-cı maddədə yazılır: “Xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərir”. Amma Təbrizdən, Borçalıdan, Dərbənddən, Kərkükdən gələn abituriyentlə Nigeriyadan gələn arasında hüquqi cəhətdən heç bir fərq yoxdur. Bu qanunda xaricdə yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında əlaqələri artırmağı nəzərdə tutan maddələr var, amma digər qanunlar bir qayda olaraq bu xüsusiyyətləri nəzərə almır. Məsələn, “Əmək miqrasiyası haqqında” Qanuna son aylarda edilən dəyişikliklər bunun bariz nümunəsidir.
Nəhayət, xaricdə yaşayan azərbaycanlılarla bağlı bir fikri də səsləndirmək istərdim. Azərbaycan Respublikasının mənafeyi ikili vətəndaşlıq məsələsinin müzakirəsini və müsbət həll edilməsini tələb edir.
Qanuna əməl edilib-edilməməsi ilə bağlı köhnə məsələni də təkrarlamaq istəyirəm. İlk sessiyalar dövründə dəfələrlə deputat ofisi məsələsini qaldırmışıq. Bu günə qədər həll edilməyib. Halbuki “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 18-ci maddəsi hələ ləğv edilməyib. Bir sözlə, təklif edilən komitələrdə müvafiq şöbələrin, müvafiq dövlət strukturlarının, eləcə də ictimai təşkilatların iştirakı ilə qanunların ictimai ekspertizasının aparılmasını təklif edirəm. Dünya parlamentlərində geniş yayılmış bu təcrübənin bizim Milli Məclisə də yol tapmasını arzu edərdim.
Üzərində dayanmaq istədiyim ikinci məsələ dinləmələr praktikasıdır. Arzu edirəm, bu praktika Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyası üçün səciyyəvi cəhət olsun. Komitələrdə müxtəlif strukturların iştirakı ilə müəyyən mövzularda dinləmələrin olması çox vacibdir. Bu məsələlərin başında, əlbəttə ki, Dağlıq Qarabağ problemi gəlir. Qarabağla bağlı bir neçə nəfər çox geniş izahat verdi və bu 4 ildə biz dəfələrlə bununla bağlı məsələ qaldırmışıq. Amma bununla bağlı bir dəfə belə millət vəkillərinə informasiya verilmir və dinləmələr keçirilmir.
İkinci dinləmə, məncə, təhsil sahəsindəki vəziyyətlə bağlı ola bilərdi. Hörmətli akademik Ramiz Mehdiyev sonuncu məqaləsində göstərir ki, ölkədə bir savadlı hüquqşünas tapa bilmirik ki, Prezident Administrasiyasında işə götürək. Bu, məncə, rəsmi şəxsin harayıdır, bu, təhsil sistemindəki vəziyyətin göstəricisidir. Milli Məclis buna reaksiya verməlidir.
Üçüncü, Bakı dünyanın 20-ci bahalı şəhəri sayılır. Bu obyektivdirmi, doğrudurmu? Doğrudursa, onun mənbələri hansılardır və bunlarla necə mübarizə etmək olar?
Dinləmələr üçün təklif etdiyim məsələlərdən biri də ölkədəki dini situasiyadır. Əlbəttə, bu çox riskli bir məsələdir. Çünki bir neçə dəfə bununla bağlı danışmışıq, məsələnin əhəmiyyətini demişik, icraedici hakimiyyət də gedib məscidləri bağlayıb, yaxud da dini icmaların qeydiyyatını ləğv edib. Məncə, ən aktual iki məsələdən birisi budur.
5 il əvvəl Azərbaycan Respublikası ərazisində siyasi islamla bağlı bir sosioloji sorğu keçirmişdik. İndi eyni metodika və eyni mütəxəssis qrupu ilə yenidən sosioloji sorğu keçirilib və onun nəticələri hazırdır. Əgər Milli Məclisin rəhbərliyi arzu etsə, onun bir nüsxəsini də onlara verə bilərdim. Bütün bölgələr üzrə aparılmış sosioloji sorğuya görə vəziyyət, həqiqətən də, stabil-ağırdır. 5 il əvvəl cənub bölgəsində rəyi soruşulanların 37 faizi demişdi ki, Azərbaycanın gələcəyi üçün ən məqbul forma İran tipli teokratik rejimdir. İndi təxminən həmin rəqəm təkrar olunur. Bir daha deyirəm, burada sosiologiya elmləri doktoru, tarix elmləri doktoru və digər mütəxəssislər iştirak edirlər. Məncə, bu məsələ ilə bağlı bir dinləmə keçirməyə ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də Milli Məclisin 2010-cu il yaz sessiyasının başlaması münasibətilə hamınızı təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Yaz sessiyasının qanunvericilik işləri planı kifayət qədər zəngindir. Elə Tikinti, Şəhərsalma və Rəqabət məcəllələrinin qəbul edilməsi irəliyə doğru çox ciddi bir addım olacaq. “Təhsil haqqında” Qanun qəbul ediləndən sonra qəbul ediləcək qanunlar da burada öz əksini tapıb. Burada Ali təhsil haqqında, Elm siyasəti haqqında və sair çox sanballı qanunlar var. Baxmayaraq ki, qanunvericilik işləri planı 22 maddədən ibarətdir, biz intensiv işləsək, əlavə məsələləri də həll edəcəyik.
Burada deyilən statistikanı inkişaf etdirərək qeyd etmək istəyirəm, yəqin, yaz sessiyasının məhsuldarlığı ona gətirib çıxaracaq ki, üçüncü çağırış Milli Məclis mindən artıq qanunvericilik sənədi qəbul etmiş olacaqdır. Bu nöqteyi-nəzərdən qanunvericilik işləri planına bəzi əlavə və dəyişikliklərin edilməsini vacib hesab edirəm. Qeyd etdiyim dəyişiklikləri yazılı surətdə Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyevə, müvafiq komitənin sədrinə və eyni zamanda, Ümumi şöbənin müdirinə göndərmişəm. Bu əlavələri bir-bir qeyd etmək istəyirəm.
Birinci, hesab edirəm ki, Xocalı soyqırımı ilə əlaqədar Milli Məclisin bəyanatı fevral ayının gündəliyinə salınsa, yaxşı olar. Çünki biz 15 illik münasibətilə bəyanat qəbul etmişdik, onun əks-sədası kifayət qədər yüksək oldu. Dünyada yayıldı, yatmışları silkələdi. Xocalı soyqırımı barəsində bəyanatın yenidən fevral ayının gündəliyinə salınması ümumi işimizin xeyrinə olacaq.
Artıq 20 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri kağız üzərində qalmaqda davam edir. BMT və əlaqədar təşkilatlar bu qətnamələrdə irəli sürülən tələbləri yerinə yetirmək əvəzinə bizə nəticəsi qabaqcadan məlum olan referendumu həzm etdirmək istəyirlər. Ona görə hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyd etdiyim 4 qətnaməsinin niyə yerinə yetirilməməsi barədə BMT-yə müraciət etməyin vaxtıdır. Yaz sessiyasında belə bir müraciətin BMT-yə göndərilməsini vacib hesab edirəm.
Bayaq qeyd etdiyim kimi, nəhayət ki, “Təhsil haqqında” model qanunun qəbul edilməsi yeni qanunların qəbulu üçün yol açdı. Bu nöqteyi-nəzərdən yaz sessiyasının gündəliyinə Təhsil kreditləri haqqında qanunun da salınmasını vacib hesab edirəm. Biz ötən ilin noyabrında Şəkidə təhsil kreditləri haqqında konfrans keçirmişik, dekabr-yanvar aylarında isə ictimai müzakirələr təşkil etmişik. Mən buradan İctimai Televiziya və Radio Yayımları Şirkətinə təşəkkür edirəm ki, Azərbaycan miqyasında ictimai müzakirənin təşkil edilməsində bizə çox fəal şəkildə kömək etdi. Belə bir qanunun qəbul edilməsi aztəminatlı ailələrdən çıxan gənclərin keyfiyyətli təhsil almasında mühüm rol oynayar.
Bu qanunla yanaşı, “Təhsil haqqında” Qanunda da dəyişikliyin edilməsini vacib hesab edirəm. “Təhsil krediti” sözləri “Təhsil haqqında” Qanunda akademik mənada verilib: hər hansı fənnin mənimsənilməsi üçün lazım olan vaxt. Amma hesab edirəm ki, bunun iqtisadi mənası, yəni təhsil xərclərini ödəməkdən ötrü zəruri olan pul vəsaiti də burada verilməlidir. Təkcə vaxtdan söhbət getməməlidir. Bunu yazılı surətdə vermişəm və həmin əlavənin edilməsini vacib hesab edirəm. Köhnə təhsil qanununda var idi ki, təhsil alanlar təhsil müddəti bitəndən sonra qaytarmaq şərti ilə kredit ala bilərlər. Bunun çıxarılması düzgün deyildi. Mən bunun daha genişləndirilmiş formada – “dövlət, banklar və bank olmayan kredit təşkilatları təhsil krediti verə bilər” maddəsi kimi qanuna salınmasını vacib hesab edirəm. Bu, ümumi işin xeyrinə olar və Təhsil kreditləri haqqında qanunun da qəbul edilməsinə yol açmış olar.
Növbəti məsələ. İki il dalbadal noyabr ayının 9-da Azərbaycanın tarixində mühüm addımlar atıldı. Bayraq meydanı yaradıldı və bayraq günü bayram kimi qəbul edildi. Milli Məclis də bilir ki, mən “Hüquqi normativ aktlar haqqında” Qanunun maddəsinə və Prezidentin məlum fərmanına istinad edərək təkliflər irəli sürmüşdüm. “Azərbaycan Respublikası Dövlət bayrağından istifadə qaydaları haqqında” Qanunun 1.3-cü maddəsində bayrağın əhəmiyyəti, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qeyd olunur. Hər il noyabrın 9-nun bayram günü kimi qəbul edilməsinin məhz qanunda öz əksini tapması vacibdir. Sərəncam, çox gözəl, yol açdı, amma hüquqi normativ aktların tələbindən çıxış edərək deyirəm ki, sərəncamdan sonra bu, qanunda da öz əksini tapmalıdır.
Hamı üçün xoşdur ki, dünya maliyyə iqtisadi böhranından Azərbaycan az itki ilə çıxdı. Amma qeyd edək ki, dünya hələ də böhrandan çıxmayıb. Müsbət dinamizm olmasına baxmayaraq, maliyyə sektorunda xeyli dərəcədə problemlər olacaq və bizim neftdən kənar sahələrin xaricə mal göndərmək imkanları məhdud olacaq. Belə bir şəraitdə daxili bazarın genişlənməsini və iqtisadi fəallığın artırılmasını vacib hesab edirəm. Əgər Azərbaycan daxili bazarın genişlənməsi və iqtisadi fəallığın artırılması istiqamətində addımlar atsa, bu, böhranın nəticələrinin Azərbaycanda minimuma endirilməsində mühüm rol oynayacaq. Bu münasibətlə mən mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsini zəruri hesab edirəm. Bunu da son hədd hesab etmirəm, 2011-ci ildən bunun 18 faizə endirilməsini təklif edirəm.
Mən 35 faiz vergiyə məruz qalan fiziki şəxslərlə bağlı təklif vermişdim. 2000 manata qədər gəliri olan fiziki şəxslərdən söhbət gedir. Təklif etmişdim ki, 35 faiz 25-ə endirilsin. 35 faiz 30-a endirilib, 25 faizə endirilməyib. Yenə təklifimin üstündə dururam. Təklif etmişdim ki, 2 min manat 3 min manat olsun. Bu, orta təbəqənin əlində vəsaitin olması üçün çox vacibdir. Mən yenə də bu təklifimdə israrlıyam və bunu yazılı surətdə təqdim edirəm.
Aşağı təbəqə üçün də bir situasiya əmələ gəlib. Bizdə minimum əmək haqqı yaşayış minimumuna gəlib çatmayıb. Arzulayırıq ki, bu, tez çatsın, amma çatmır. Aşağı təbəqənin və büdcə təşkilatlarında çalışanların maaşları 2 ildir, artmır. Belə bir şəraitdə yaşayış minimumu səviyyəsində gəlirləri olandan verginin tutulmaması məsələsini təklif etmişəm. Bu da çox vacibdir. Belə bir təklifin qəbul edilməsi əhalinin aztəminatlı təbəqəsinin vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq. Dünya praktikasından məlumdur ki, əlavə dəyər vergisi aşağısı 5–6, yuxarısı 14 faiz olanda yaxşı işləyir. Ona görə mən təklif eləmişəm ki, 2011–2014-cü illərdə əlavə dəyər vergisi hər il 1 faiz aşağı düşmək şərti ilə 14 faizə endirilsin. Hesab edirəm ki, təkliflərimin Milli Məclisin yaz sessiyasının gündəliyinə salınması məntiqlidir və eyni zamanda, bu, irəliyə doğru atılmış mühüm addım olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim gündəliyə etirazım yoxdur, onun lehinə səs verəcəyəm. Ancaq bir təklifim var, istəyirəm, nəzərinizə çatdırım. Keçən iclasda ölkədə keçirilən son bələdiyyə seçkiləri haqqında çıxış edərək həm seçki prosesində, həm də səslərin hesablanmasında yol verilən nöqsanlardan danışmışdım. Bu seçki ölkə tarixində nəticələri saxtalaşdırılan seçkilərdən biri kimi qalmaqla bərabər, həm də saxtalaşdırılmada tətbiq edilən yeni üsullarla da diqqəti cəlb etdi. Əgər əvvəllər seçkinin nəticələrini saxtalaşdırmaq üçün səslərin sayılması zamanı işıqların söndürülməsindən, müşahidəçilərin seçki məntəqəsindən çıxarılmasından, seçki komissiyalarının yekun protokollarının bir müddət gizli saxlanması və sonradan dəyişdirilməsi metodundan istifadə edilirdisə, son seçkilərdə artıq bu üsullara ehtiyac qalmadı. Bu seçkilərdə internetin yaratdığı imkanlardan bəhrələnməklə yekun protokollarda göstərilən rəqəmlərin deyil, havadan götürülmüş rəqəmlərin Mərkəzi Seçki Komissiyasının saytına ötürülməsi praktikası tətbiq edildi. Təsadüfi deyil ki, bu gün seçkini udmuş şəxslər nəticəni sübut etmək üçün məntəqə seçki komissiyalarının sədri başda olmaqla bütün üzvlərinin imzaladığı protokolları ayrı-ayrı orqanlara təqdim etməklə məşğuldurlar.
Qeyd etməyi lazım bilirəm ki, Mərkəzi Seçki Komissiyası özünün iki qərarı ilə dediklərimi təmsil etdiyim rayon üzrə qismən də olsa, təsdiq etdi. 80 saylı İmişli–Beyləqan seçki dairəsinin sədri vəzifəsindən azad edildi, dairə seçki komissiyası buraxıldı, dairə üzrə iki kənd bələdiyyəsi seçkisinin nəticələri ləğv edildi. 79 saylı İmişli seçki dairəsi üzrə İmişli şəhər bələdiyyəsinə seçki keçirən 15 məntəqənin dördündə, həmçinin bir kənd bələdiyyəsində seçkinin nəticəsi ləğv edildi, sənədləri saxtalaşdıran komissiyaların işi prokurorluğa göndərildi. Şübhə etmirəm ki, əgər bütün şikayətlərə ədalətlə baxılsaydı, seçkinin nəticəsi ləğv olunan məntəqələrin sayı dəfələrlə artıq olardı.
Mən mətbuatda oxudum ki, cəmi 3 məntəqə üzrə nəticə ləğv edildiyinə görə bir rayonda icra başçısı işdən çıxarılıb. Məgər digər rayonlarda seçki məntəqələrinin sədrləri seçkinin nəticələrini könüllü olaraq saxtalaşdırıblar? Görün cəzasızlıq hansı həddə çatıb ki, təmsil etdiyim rayonda iki məntəqə üzrə seçkinin nəticəsinin saat 10.30-da elan olunmasına və hətta karbonlaşdırılmış protokolların müşahidəçilərə verilməsinə baxmayaraq, komissiya üzvləri evlərinə buraxılmamış, nəticəni saxtalaşdırmaq üçün onlara müxtəlif təzyiqlər edilmişdir. Daha dəqiq desək, bu insanlar səhərə qədər stollarının üstündə yatmağa məcbur edilmiş, yalnız səhər saat 8.30-da evlərinə buraxılmışlar. Təkrar edirəm, səslər 9.30-da sayılıb qurtarıb, karbonlaşdırılmış protokollar əllərə verilib, ancaq polisin təzyiqi altında komissiya üzvləri səhərə qədər evlərinə buraxılmamış, stolların üzərində yatmağa məcbur edilmişlər. Sual olunur, icra başçısının göstərişi ilə məntəqə üzvlərinin seçki məntəqəsinin otaqlarında gecələməyə məcbur edilməsinə, onların bir növ girova çevrilməsinə başqa nə cür ad vermək olar? Bu qanunsuzluğa necə haqq qazandırmaq olar?
Son bələdiyyə seçkilərində yol verilən qanunazidd əməllər bir daha sübut etdi ki, seçki qanunvericiliyində islahatlar aparmadan, xüsusilə də seçki komissiyalarının rayon rəhbərlərinin nəzarətindən çıxarılması üçün onların formallaşdırılması prinsiplərini dəyişdirmədən ölkədə azad və ədalətli seçki keçirmək, ümumiyyətlə, mümkün deyil. Fikrimcə, 2010-cu ilin həm də parlament seçkiləri ili olduğu nəzərə alınmalı və seçki islahatlarını nəzərdə tutan məsələ yaz sessiyasının gündəliyinə salınmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün bizə təqdim olunan yaz sessiyasının qanunvericilik işləri planı ciddi və əhatəlidir, mən onun qəbul edilməsinin tərəfdarıyam. Eyni zamanda, bir neçə təkliflə çıxış etmək istərdim. Əvvəla, sosial yönümlü qanunların bu planda az olduğunu nəzərə alaraq, təklif edərdim ki, sosial işçilər haqqında ayrıca qanun layihəsi barədə düşünək. Düzdür, bu institut respublikamızda mövcuddur və bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2000-ə yaxın sosial işçi işləyir. Lakin bu tip işçilərin öz problemləri, işlərinin spesifikası vardır. Yaxşı olardı ki, bütün bunlar bir qanunla əhatə olunsun, çünki cəmiyyətdə sosial işçilərə tələbat həddən artıq böyükdür. Mən iş planında gənc ailələrin sosial müdafiəsi haqqında, mərasimlər haqqında qanun layihələrini görmək istərdim. Biz bu barədə dəfələrlə məsələ qaldırmışıq. Şəxsən mən bu qanun layihələrini işləməyə hazıram.
Deyəcəyim digər məsələ bir aydan sonra qeyd olunacaq 8 Mart Beynəlxalq qadınlar günü ilə bağlıdır. Bu bayram postsovet məkanında yaranan müstəqil dövlətlərin əksəriyyətində ləğv olunub. Avropa ölkələrində, ABŞ-da da bayram kimi Analar günü qeyd olunur. Rusiyanın birinci xanımının təşəbbüsü ilə Rusiya Federasiyasında da iki ildir ki, “Ailə, məhəbbət və sədaqət günü” qeyd edilir, nümunəvi ailələr xüsusi medal və diplomlarla təltif olunurlar. Hesab edirəm ki, alman kommunisti Roza Lüksemburq tərəfindən XIX əsrdə qadınların hüquqları günü kimi qeyd olunan bayram XXI əsrdə müstəqil Azərbaycanda yaşayan insanlar üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycanda qadın problemi, demək olar ki, yoxdur, qadınlar kişilərlə bərabər hüquqludurlar. “Gender bərabərliyi haqqında” Qanun buna əyani sübutdur.
Hazırda respublikamızda milli bayramların yaradılma prosesi gedir. Qurtuluş günü, Qurban, Novruz bayramları və digər bir sıra milli və dövlət bayramları bizim təqvimimizə daxil olub. Qış sessiyasında biz Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü təsis etdik. Təklif edirəm ki, təqvimimizə yeni bir bayram günü də daxil edilsin: Analar günü. Bu bayramı ana və ailə günü kimi qeyd etmək olar. Bu bayramı hər il 28 apreldə qeyd etmək olardı, çünki 28 aprel görkəmli alim, ictimai xadim, gözəl insan və müqəddəs ana akademik Zərifə xanım Əliyevanın ad günüdür. Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşının ad gününü həmişə ehtiramla yad edir. Onun ad gününün analar günü elan edilməsi Zərifə xanıma ümumxalq məhəbbətin təzahüründən xəbər verərdi. Həm də təqvimimizə yeni bayram daxil olardı. Təklif edirəm ki, bu gün iş günü hesab edilməsin. O ki qaldı 8 Mart Beynəlxalq qadınlar gününə, bu gün iş günü hesab olunmaqla bayram kimi təqvimdə qala da, çıxarıla da bilər. Mən bu təklifi bir sıra yerlərdə səsləndirmişəm, bu ideya xanımlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Lakin bu ideyanı parlamentdə gerçəkləşdirmək üçün millət vəkillərinin, sədarətin köməyi və dəstəyi lazımdır.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Nəsib Nəsiblinin cənub zonası haqqında dediyi sözlərə münasibət bildirmək istəyirəm. Bu sözləri həqiqətdən uzaq sayıram. Mən bu zonaya bağlı insanam, orada tez-tez oluram, amma Nəsib müəllimin dediyi əhvali-ruhiyyəni orada görmürəm. Bizim xalqımız dövlətçiliyə sadiqdir. Prezidentimiz tərəfindən cənub zonasında həyata keçirilən böyük quruculuq işlərini daim dəstəkləyir və separatizm meyillərindən uzaqdır. Mənimlə görüşdə seçicilər su xətlərinin, qaz borularının çəkilməsindən, təzə məktəblərin inşasından və sair məişət problemlərindən danışırlar. Onlar heç vaxt Nəsib müəllimin dediyi kimi, İran rejimini yaxşı bir nümunə kimi göstərmirlər. Məncə, cənub zonası haqqında cəmiyyət arasında mənfi, yanlış fikirlər yaymaq, onların guya başqa dövlət rejiminə üstün münasibət bəslədiklərini söyləmək ədalətsizlikdir və hətta deyərdim ki, çox təhlükəli bir yanaşmadır. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 20 yanvar Azərbaycanda matəm günü hesab olunur. Amma bununla yanaşı, Azərbaycanın müstəqilliyində çox önəmli və şərəfli bir gündür. Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə bu gün şəhid olmuş ailələrə xüsusi Prezident təqaüdü verilir. Azərbaycanın dövlət siyasəti müstəqilliyimiz, ərazi bütövlüyümüz üçün şəhid və əlil olmuş insanlara qayğıdan ibarətdir. Məhz onun üçün də müharibə zamanı şəhid olanların ailələrinə xüsusi müavinətlər verilir, onlar üçün xüsusi status müəyyənləşdirilir. Bununla yanaşı, həm də keçmiş imperiya zamanı İkinci Dünya müharibəsində, Çernobıl qəzasında əlil olmuş Azərbaycan vətəndaşları müvafiq statusa malikdirlər, müavinətlər alırlar. Amma çox ədalətsiz məqam yaranıb. 20 yanvar əlilləri heç bir statusa malik deyillər, dövlətdən heç bir dəstək almırlar. Bununla bağlı dəfələrlə parlamentə müraciətlər olub. Müvafiq sənədlər hazırlanıb, lakin təəssüf ki, onlar Nazirlər Kabinetinin məmurlarının masalarında itib.
Parlament bu məsələyə mütləq qayıtmalıdır. Zənnimcə, 20 yanvar əlilləri də müstəqilliyimiz uğrunda əlil olmuş digər vətəndaşlarla eyni statusa malik olmalıdırlar və dövlətin dəstəyini almalıdırlar. Bununla bağlı məlumat kimi vermək istərdim ki, təxminən 331 nəfərdən və büdcəmizdən ayrılacaq cəmi 19 min manatdan söhbət gedir. Mənə elə gəlir ki, hörmətli Hadi müəllim, müvafiq komitə yaxın müddətdə bu məsələ ilə bağlı müvafiq sənəd hazırlayacaq və 20 yanvar əlillərinin statusu müstəqillik uğrunda əlil olmuş digər vətəndaşların statusu ilə bərabərləşdiriləcək. Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq parlament bu addımı atmalıdır. Azərbaycanın müstəqilliyi üçün əlil olmuş adamlar hər zaman dövlətin qayğısını hiss etməlidirlər.
Bilirsiniz ki, fevral ayının 26-sı Azərbaycanın başqa bir faciəsinin – Xocalı soyqırımının anım günüdür. Dünən İslam Konfransı Təşkilatı bu hadisələri insanlığa qarşı olan cinayət kimi qiymətləndirdi. Biz çox istərdik ki, parlamentdə Xocalı ilə bağlı müvafiq dinləmələr keçirilsin. Çox yaxşı olardı ki, Azərbaycanın Hərbi prokurorluğu bu cinayətlə bağlı parlamentə hesabat versin. Çünki bu cinayət işinin istintaqını hərbi prokurorluq aparır. Hesabat versinlər ki, vəziyyət necədir, bu cinayəti törədənlər kimlərdir, konkret olaraq hansı tədbirlər həyata keçirilib, hansı cinayət işləri var?
Bilirsiniz ki, Azərbaycan hazırda “Xocalıya ədalət” kampaniyası aparır. Heydər Əliyev Fondu tərəfindən dünyanın bir sıra ölkələrində bu, həyata keçirilib. Biz Xocalıya görə qisas deyil, ədalət istəyirik. Amma ədalət hökmü ilk növbədə Azərbaycanda verilməlidir. Təəssüf ki, hələlik bu cinayət işlərinin yekunlaşması ilə bağlı konkret addımlar atılmayıb. Biz beynəlxalq məhkəmələrə, Avropa ölkələrinin məhkəmələrinə müraciət etməliyik, ədaləti axtarmalıyıq. Bunun üçün Azərbaycanın Hərbi prokurorluğu və parlament bu istiqamətdə müvafiq işlər görməlidir. Biz çox istərdik ki, Azərbaycan parlamenti Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğu barədə müvafiq qərar qəbul eləsin və bununla bağlı bütün ölkələrin parlamentlərinə müraciət etsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən Məjlum Şükürova növbəsindən istifadə etdiyim üçün təşəkkür eləmək istəyirəm. Mən demək istəyirəm ki, qanunvericilik işləri planına daxil edilən bütün qanun layihələri Milli Məclisin növbəti sessiyada səmərəli fəaliyyət göstərəcəyindən xəbər verir. Eyni zamanda, bütövlükdə Azərbaycan parlamentinin həm faydalı, həm də səmərəli fəaliyyət göstərdiyini açıq şəkildə bildirmək istəyirəm. Hesab edirəm ki, bütövlükdə üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi səmərəli şəkildə fəaliyyət göstərib. Bundan əvvəlki sessiyada Milli Məclisin fəaliyyəti kifayət qədər faydalı və səmərəli olub. Bu məntiqdən çıxış edərək bildirmək istəyirəm ki, Milli Məclisin növbəti sessiyası da təklif olunan iş planı əsasında səmərəli və faydalı fəaliyyət göstərəcək, Azərbaycanın inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addım atacaq.
Bununla yanaşı, bəzi deputatlar tərəfindən Milli Məclisin fəaliyyətinin səmərəli olmaması haqqında reallığa söykənməyən, qərəzli şəkildə səsləndirilən fikirlərə də etirazımı bildirmək istəyirəm. Hesab edirəm ki, bəzi adamlar bütövlükdə fəaliyyətin səmərəliyinin nədən ibarət olması haqqında aydın təsəvvürə malik deyillər. Əgər Milli Məclisin fəaliyyətinin səmərəliyini 1990-cı illərin əvvəllərində olduğu kimi, Milli Məclisin zalındakı siqaret tüstüsündə, yaxud qalmaqallarda görürlərsə, güman edirəm ki, bu, fəaliyyətin səmərəliyi haqqında fikirlərin bəsitliyindən və səthiliyindən xəbər verir. Azərbaycan parlamenti o yaş dövrünü çoxdan keçib. İndi parlament yetkinlik yaşındadır və təbii ki, yetkinlik yaşına çatmış parlamentin də fəaliyyəti tamam başqa prioritetlərə, dəyərlərə və prinsiplərə söykənir. Bu prinsiplər, dəyərlər əsasında Azərbaycan parlamenti Azərbaycanın inkişafına özünün töhfəsini verib. Hesab edirəm ki, Azərbaycan Heydər Əliyevin siyasəti əsasında, İlham Əliyevin yürütdüyü siyasət əsasında ona görə inkişaf edə bilib ki, Azərbaycanın parlamenti həm də bu inkişaf üçün hüquqi bazanı yaratmaq istiqamətində səmərəli fəaliyyət göstərib, inkişafın mənbəyinə çevrilibdir.
1990-cı illərin əvvəllərində Azərbaycandakı total böhranın səbəblərindən biri ondan ibarət idi ki, Azərbaycanın parlamenti gərginliyin və qeyri-sabitliyin katalizatoru rolunu oynayırdı. Azərbaycan parlamentindəki ab-hava və Azərbaycan parlamentində təmsil olunan bəzi deputat qrupunun özünün fəaliyyətini düzgün şəkildə dərk eləyə bilməməsi ölkədəki gərginliyin, qeyri-sabitliyin, böhranın yaranmasının vacib şərtlərindən birini təşkil edirdi.
Burada dekabr ayında Azərbaycanda keçirilən bələdiyyə seçkiləri haqqında reallığa söykənməyən fikirlər səsləndirildi. Mən hesab edirəm ki, onlara da münasibət bildirmək lazımdır. Bu bələdiyyə seçkilərində 16 minə yaxın yeni bələdiyyə üzvü seçilməli idi. Partiyalar halında iştirak eləyən siyasi qurumlar da bu qədər namizədi irəli sürüb qeydiyyatdan keçirməli və onların seçki kampaniyasını təşkil eləməli idi.
Sizin hər biriniz çox yaxşı bilirsiniz ki, yalnız Yeni Azərbaycan Partiyası bu tələbləri yerinə yetirərək seçki kampaniyasında partiya şəklində iştirak eləyə bildi. YAP 16 minə yaxın namizəd irəli sürdü və onların seçki kampaniyasını təşkil elədi. Məmnunluq hissi ilə qeyd eləmək istəyirəm ki, Azərbaycan parlamentində təmsil olunan Yeni Azərbaycan Partiyasının deputat korpusunun əksəriyyəti – hər bir deputat Yeni Azərbaycan partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsində böyük fəallıq göstərdi. Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçirildi. O görüşlərdə Azərbaycan parlamentində Yeni Azərbaycan Partiyasını təmsil eləyən deputat korpusunun bütün üzvləri böyük fəallıq göstərdilər. Nəticə də göz önündədir.
Biz seçkilərin nəticələrinə tamamilə obyektiv şəkildə yanaşırıq. Elə hesab edirik ki, bu qədər sayda insanın iştirak etdiyi seçki kampaniyasında müəyyən qədər insanın seçkilərin nəticəsindən narazı olmasına tamamilə təbii yanaşmaq lazımdır. Biz Yeni Azərbaycan Partiyasının bir neçə üzvünün seçkilərin nəticələri ilə əlaqədar tamamilə fərqli şəkildə fikirləşmələrini normal hesab edirik və bundan heç bir faciə yaratmırıq. Bundan kimlərinsə özü üçün siyasi kapital toplamaq cəhdlərini də mümkün hesab edirik. Belə hesab edirəm ki, bu bizə qarşı kimlərinsə bu vaxta qədər etdiyi uğursuz cəhdlərdən biridir. Bu da bundan əvvəlki uğursuz cəhdlərin taleyini yaşayacaqdır. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, seçkinin nəticələrini bu şəkildə elan edən Yeni Azərbaycan Partiyasının üzvlərinin hamısı Sabirabad rayonundan, bir dairədəndir. Bizim bir vəzifəmiz də ondan ibarətdir ki, bunu ciddi şəkildə araşdıraq və onun köklərini üzə çıxaraq.
Azərbaycanda seçki kampaniyasının üzərinə kölgə salmaq istəyənlərə demək istəyirəm ki, hansı dairədə, hansı məntəqədə bu və ya digər qanun pozuntularına yol verilibsə, Mərkəzi Seçki Komissiyası müvafiq qərarlar qəbul edibdir. İmişli dairəsində qanun pozuntularına yol verilib, dairə ləğv edilibdir. Başqa bir yerdə qanun pozuntusuna yol verilibsə, orada da dairə ləğv edilibdir. Mən indi İmişli nümayəndəsinin ləğv olunan seçkinin nəticələri ilə əlaqədar burada haray-həşir salmasının mənasını dərk edə bilmirəm. Qanun pozuntusu olub, hüquq pozuntusuna yol veriblər və nəticə də ləğv edilibdir. Başqa yerdə də bu olsa idi, orada da eyni qərar qəbul olunacaqdı. Yaxşı, əgər sizin dairənizdə nəticəni ləğv ediblərsə, siz qanun pozuntularına görə bunu qiymətləndirə bilmirsinizsə, nəyə görə öz dairənizin nümunəsi əsasında başqa dairələrdə keçirilən seçkilər və onların nəticələri haqqında fikir söyləmək istəyirsiniz? Məsələn, Naftalan dairəsində seçkinin nəticələri ləğv edilib, Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul edilib. Digər yerlərdə də bu cür qərarlar qəbul olunubdur. Nə istəyirsiniz? Bəzi ölkələrdəki kimi seçki komissiyalarının üzərinə hücumların təşkil olunmasını istəyirsiniz ki, onda seçki yaxşı keçirilib deyəsiniz? Bəzi ölkələrdəki kimi seçki bülletenləri çap olunan mətbəələrə hücumların təşkil olunmasını istəyirsiniz ki, ondan sonra Azərbaycanda seçkilər yaxşı təşkil olunub deyəsiniz? Seçkilərin yaxşı keçirilməsinin dəyərini verən yeganə bir subyekt var, o da səs verən insanlardır. Əgər Azərbaycan xalqı bələdiyyə seçkilərinin nəticələrini qəbul edirsə, Azərbaycanın hər bir vətəndaşı buna müvafiq şəkildə öz münasibətini bildirməlidir.
Seçki Məcəlləsi ilə əlaqədar burada hər dəfə təkliflər irəli sürürlər. Azərbaycanda seçki qanunvericiliyi 1998-ci ildə, 2000-ci ildə, 2003-cü ildə dəyişdirilibdir. Azərbaycanda Seçki Məcəlləsi qədər tez-tez dəyişdirilən ikinci bir qanun təsəvvür etmək mümkün deyil. Hər dəfə də bu ona görə edilib ki, həm beynəlxalq qurumlar, həm də müxalifət birmənalı şəkildə qəbul etsin ki, Azərbaycan hökuməti seçki komissiyalarının etibarlı olması üçün bütün addımları atır.
Əgər siz, müxalifət nümayəndələri seçkidə qalib gəlməyin yolunu seçki komissiyalarının tərkibinin öz xeyrinizə dəyişdirilməsində görürsünüzsə, bu sizin böyük səhvinizdir. Bu səhvinizə görə də indiyə qədər uğur qazana bilməmisiniz, bundan sonra da bilməyəcəksiniz. Seçki komissiyaları ilə uğuru bir dəfə – 1992-ci ildə qazandınız, bununla da qurtardı. Bundan sonra seçki komissiyalarının tərkibi hesabına seçkinin nəticəsini öz xeyrinizə həll etmək cəhdiniz baş tutmayacaq, çünki seçkinin taleyini həll edən yeganə subyekt xalqdır. Xalq da sizin o vaxt keçirdiyiniz seçkilərin təkrar olunmasına razı olmayıb. Güman edirəm ki, Azərbaycanda bu cür seçkilər də bir daha keçirilməyəcəkdir. Eyni zamanda, hesab edirəm ki, bu forma bilavasitə sizin təklifinizlə beynəlxalq qurumlar tərəfindən qəbul olunubdur və özünü doğruldur.
“Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsini təklif edirlər. Biz prinsip etibarilə buna etiraz etmirik. Hər bir qanun dəyişdirilə, təkmilləşdirilə bilər. Bütövlükdə təkmilləşmənin, kamilləşmənin sonu yoxdur. İnsanın həyatı nə qədər varsa, o qədər özü də təkmilləşir, həyat şəraitini də təkmilləşdirir. Qanunların da təkmilləşdirilməsi tamamilə təbii sayılmalıdır. Amma indi gəlin, mövcud qanuna əməl edək. Görün, əməl edirsinizmi? Biz bu yaxınlarda Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında hesabat verdik. O cümlədən da maliyyə hesabatını verdik. Biz 10 ildir bunu edirik. Siz bizə maliyyə hesabatını verməmisiniz. Bu da seçki haqqında qanunun tələblərindən biridir.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də təqdim olunan qanunvericilik işləri planının tərəfdarıyam və deputat həmkarlarımdan bunun təsdiq olunmasını xahiş edirəm. Biz bu dövr ərzində Azərbaycanda çoxsaylı qanunlar qəbul etmişik və bundan sonrakı dövrdə də bu işi davam etdirəcəyik.
Mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Çünki burada qeyd olundu ki, hər bir kəs qanunvericilik təşəbbüsü ilə çıxış edir və qanunlara əlavə və dəyişikliklər təklif edir. Parlamentin fəaliyyətini tənqid etməyə cəhd göstərənlər haqqında hörmətli Əli müəllim öz fikirlərini dedi. Mən bu məsələyə toxunmaq istəmirəm. Bir məsələni qeyd etmək istəyirəm ki, deputatın qanunvericilik təşəbbüsü hüququ Konstitusiyada və bizim Daxili Nizamnamədə öz əksini tapıbdır. Qanun layihəsi komitədə təsdiq olunduqdan sonra Milli Məclisin gündəliyinə təqdim oluna bilər. Əgər bu, komitədə təsdiq olunmayıbsa, Milli Məclisin gündəliyinə daxil edilə bilməz. Ona görə də burada deputatı da, hər bir şəxsi də göstərsinlər, bunlar elə bilirəm, mənasız bir şeydir və bu işlərin heç bir əhəmiyyəti yoxdur.
Burada bir sıra məsələlərə toxunuldu. Birinci növbədə mən Seçki Məcəlləsindən başlamaq istəyirəm. Burada Seçki Məcəlləsinə əlavə və dəyişikliklər və Seçki Məcəlləsində girovun bərpa olunması ilə bağlı fikir söylənildi. Hamının yadındadır ki, Prezident seçkiləri dövründə girov məsələsi gündəlikdə olanda müxalifət partiyalarının hamısı məsələ qaldırdı ki, bu gün müxalifətin girov qoymağa imkanı yoxdur, o götürülməlidir. Biz bunun şahidiyik. Hətta beynəlxalq təşkilatların qapısının çərçivəsini də çıxarırdılar ki, bu məsələ ləğv olunsun. Onlar da bizimlə müzakirə etdilər və biz dedik ki, etiraz etmirik, götürülsün. Götürüldü.
İkinci bir tərəfdən, parlament seçkilərindən əgər girovla bir yerdə 2000 imza nəzərdə tutulmuşdusa, bu imzaların sayı 450-yə endirildi. Əvvəl imza vərəqələri o say qədər, 10 faiz də ondan artıq verilirdi. İndi istənilən qədər imza vərəqələri verilir. Əgər imzandan şübhələnirsənsə, get, nə qədər istəyirsən, imza topla, gətir, təqdim et. Yəni bu məsələləri hər dəfə gündəliyə çıxarmaq doğru deyil.
Mən komissiyalarla bağlı bir misal çəkəcəyəm. Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Müsavat Partiyasını təmsil etdi. Axırda bəyanat verdi ki, əl çəkin də, nə qədər məni vadar edəcəksiniz ki, ədalətli işə ədalətsiz söz deyim? Müsavat Partiyasının başqanına müraciət etdi. Azərbaycan mətbuatından məlumdur ki, siz komissiyada təmsil olunmaqla haqq-ədaləti bərpa etməyə yox, haqq-ədaləti pozmaq, ədalətli işə ədalətsiz deməkdən ötrü çalışırsınız. Seçki komissiyaları da yeni parlament seçkiləri keçiriləndə formalaşacaq. Bəli, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq parlamentdə təmsilçilik norması ilə həmin komissiyalar yenidən təşkil olunacaq.
İkinci bir tərəfdən, bələdiyyə seçkilərində bütövlükdə müxalifət partiyaları və digər partiyalar bir yerdə 2000-dən artıq namizəd irəliyə sürə bilmirlərsə, 5000 məntəqənin hərəsinə 2 üzvü haradan tapıb verəcəklər? Bu, 10 min üzv edir. Bu üzvləri haradan tapacaqlar? Yəni bunun bariz nümunəsi bələdiyyə seçkiləri idi və biz bunun şahidi olduq. Ona görə də bizə müraciət etməyə məcbur olacaqlar. Biz də fikirləşəcəyik ki, baxaq, görək, bunu necə qaydasına qoyuruq. Hər şey öz qaydasında gedir və hesab edirəm ki, bu məsələlərə bir daha qayıtmaq olmaz.
Burada ordu haqqında fikirlər söylənildi. Biz demirik ki, cəmiyyətdə olan hadisələrlə ordunu eyniləşdiririk və sair. Dünyanın hər yerində belə hadisələr baş verir. Ziyafət müəllim çox gözəl dedi, biz çox təəssüf edirik, ölənlərə Allah rəhmət etsin. Hadisə baş verib, onun səbəbləri ciddi şəkildə araşdırılmalı və günahkar tapılmalıdır. 6 ay bundan qabaq İraqda 20 Amerika əsgəri özünə sui-qəsd etdi. Onun on altısını xilas etmək mümkün oldu, dördünü xilas etmək mümkün olmadı. İndi Amerika Birləşmiş Ştatlarının ordusunda hər hansı bir qanunsuzluq baş verir? İnsanın, ola bilər, fəaliyyəti ilə bağlı kiminsə sözü xoş gəlməyib. Keçmiş sovet ordusunda qulluq etmişik, orada da belə hallar baş verirdi. Biz istəyirik ki, psixoloji durum bu cür olmasın, belə hallar, belə gərginlik yaranmasın və cinayətkarlar da öz cəzasına çatsınlar. Bu, Ali baş komandanın səlahiyyətinə daxil olan bir məsələdir və hesab edirəm ki, bununla bağlı məsələləri qeyd etmək olmaz.
Tez-tez deyirlər ki, proporsional seçki sistemi bərpa olunsun, Yeni Azərbaycan Partiyasının üzvləri də bunun tərəfdarıdırlar. Belə bir fikir yoxdur. Gündəmdə də, mətbuatda da, düşüncədə də yoxdur. Proporsional seçki sistemi tətbiq olanda nə olacaq ki? Proporsional seçki sistemi ilə seçki keçirmişik, eyni səsi almısınız. Majoritar seçki sistemi ilə hələ bəlkə bir az artıq səs almısınız. Müxalifətin sıralarında azdan-çoxdan üç-beş normal adam var, heç olmasa, onlara səs verirlər. Proporsional siyahıda sizin rəhbərlərə baxanda heç, ümumiyyətlə, səs vermək istəmirlər və deyirlər ki, bu adamların nəyinə səs verək? Ona görə də majoritar sistemdə buna fərdi qaydada yanaşır və istədiyi şəxsə səs verir. Hər bir şəxs təbliğat apara bilir və seçilir.
İkinci bir tərəfdən, majoritar seçki sisteminin özündə də partiyalara geniş səlahiyyət verdilər ki, namizəd irəli sürsün, təbliğat aparsın, imza toplasın, maliyyə məsələlərini həll etsin və sair. Mən bilmirəm ki, bunlar nədən narazıdırlar? Bu, sadəcə olaraq, seçkiyə hazır olmamağın bir nümunəsidir, indidən gələcək məğlubiyyətlərə bəraət qazandırmaqdan ötrü atılmış addımlardır.
Bələdiyyə seçkiləri ilə əlaqədar da bir fikir söylənildi. Nədənsə iki müxalifətçi deputatın dairələrində – İmişlidə və Sabirabadda belə hadisələr baş verib, qalan yerlərdə bu hadisələr baş verməyib. Sabirabaddakı məsələni ciddi şəkildə araşdırdıq və mən mətbuatda bu barədə açıq şəkildə çıxış etmişəm. Ad və familiyalarını da deyə bilərəm, oradan seçilən deputatın yaxın ətrafında olan adamlardır. Bunu onlar təşkil etmişdilər. MSK-nın qabağına cəmi 15 nəfər gəlmişdi, bunu da 150 nəfər adı ilə cəmiyyətə təqdim etmək istəyirdilər. Görüşdülər, aydınlaşdırdılar ki, bunların Yeni Azərbaycan Partiyasına heç bir aidiyyəti yoxdur. İki nəfər Yeni Azərbaycan Partiyasının üzvü var idi, onlar da öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərdir. Yerdə qalan bitərəflərdir, ayrı-ayrı partiyalara mənsub olan insanlardır.
İmişlidən seçilmiş hörmətli İltizam Əkbərli qeyd edir ki, məntəqə üzvlərini saxlayıblar. Birincisi, saat 9.30-a qədər bülletenləri sayıb qurtarmaq qeyri-mümkündür, çünki burada siyahı var. Əgər bülletendən xəbəriniz varsa, orada 30-dan artıq namizəd var. Hər birinin səslərini saymaq üçün bir neçə saat lazımdır. İkinci, məntəqə üzvünün borcudur ki, orada qalıb bu işi axıra çatdırsın. Üçüncü də qeyd edirsən ki, orada qaldılar, stolun üstündə yatdılar. Stolun altında yatmayacaqdılar ki? Stolun üstündə yatıblar, burada nə var ki? Məsələn, biz seçki müddətində səhərə qədər qərargahları tərk etmirik, gözləyirik. Bu, adi bir haldır. Bunu şişirdib başqa bir formada qeyd etməyə heç bir ehtiyac yoxdur.
Əli müəllim qeyd etdi ki, harada nöqsan olubsa, Mərkəzi Seçki Komissiyası tərəfindən bunlar ləğv olunubdur. Bu məsələləri gündəmə gətirmək olmur. 16 min insan seçilib, 1718 bələdiyyə var. Albert Qorun seçkisində Floridada səsləri 10 dəfə saydılar. Dünyanın hər yerində belə hallar baş verə bilir. Bu, insan işidir, səhv ola bilər və onun səhvini də aidiyyəti qurumlar ləğv edirlər. Aidiyyəti qurumlara da bu barədə müraciət oluna bilər. Mən hesab edirəm ki, bizim çox yaxşı qanunlarımız var. Oqtay müəllim də tez-tez təkrar edir ki, bu, axırıncı sessiyadır, həmkarlarımızın çoxu kövrəlir. Hamıya can sağlığı, uğurlar, yeni seçkidə namizədliyini irəli sürüb, seçilməsini arzu edək. Sağ olun.
Sədrlik edən. Sən deyəsən, bizim hamımızı lap kövrəltmək istəyirsən. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan yaz sessiyasının qanunvericilik işləri planı haqqında Müsavat deputat qrupunun üzvlərinin çıxışlarını və o çıxışlara olan qeyri-adekvat şərhləri də eşitdiniz. YAP-ın rəhbərliyində olanların, xüsusən Əli Əhmədov və Siyavuş Novruzovun heç bir gerçəyə söykənməyən cavablarını da eşitdiniz. Bəzi məsələləri də mən diqqətinizə çatdırmaq istəyirəm.
Bu iş planında, doğrudan, vacib saydığım bir sıra qanun layihələri var. Amma bir sıra məsələlər var ki, onlar bura daxil edilməlidir. Müsavat deputat qrupunun indiyə qədər parlamentin rəhbərliyinə, komitələrə təqdim etdiyi 10-dan artıq yeni qanun layihəsi və qanunlara əlavə və dəyişikliklərlə bağlı qanun layihələri var. Bu qanun layihələrinin biri də bu günə qədər bizim bütün sessiyalardakı təkidlərimizə rəğmən iş planına daxil edilməyib. Biz təkid edirik ki, həmin qanun layihələri parlamentin iş planına daxil edilsin.
Biz Müsavat deputat qrupunun üzvləri kimi, Müsavat Partiyasının rəhbərliyinin qəbul etdiyi qərarlara uyğun olaraq, hesab edirik ki, ordudakı vəziyyətlə bağlı parlamentdə ayrıca bir dinləmə keçirilməlidir. Ayrı-ayrı komissiyalar yaradıb həmin bölgəyə göndərmək yox, ordudakı vəziyyətin parlamentdə müzakirəsi üçün məhz orduya rəhbərlik edən müdafiə naziri Səfər Əbiyevin gəlib parlamentdə bu məsələyə cavab və izah verməsi lazımdır. Bizim soruşacağımız xeyli məsələlər var ki, Səfər Əbiyev bu parlamentarilərə həmin məsələlərlə bağlı cavab versin.
Sizə deyim ki, ordudakı vəziyyət heç də ayrıca götürülmüş bir hal deyil. Bu vəziyyət Azərbaycan gerçəkliyinin ordudakı təsviri, təmsilidir. Yəni ölkədəki vəziyyət nədirsə, bir hissəsi onun ordusudur, bir hissəsi onun məhkəmələridir, bir hissəsi onun gömrüyüdür, bir hissəsi onun vergisidir, prokurorluğudur və sair. Bu ölkədəki vəziyyət heç kəsə sirr deyil. Vəziyyət dözülməz həddədir. Siz seçicilərin içərisinə gedin, o insanlarla təmasda olun, görün, onlara nə cür yanaşılır. Heç bir hüquqi yanaşma yoxdur. O insanlara Konstitusiyaya və yaxud qanunlara söykənən yanaşma yoxdur. Məhkəmələr sifarişli hökmlər çıxarır və insanların hüquqları pozulur və sair. Hələ mən ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı təhlilə keçmirəm, çünki biz zaman-zaman bunu həm büdcə müzakirələrində, həm də hökumətin hesabatında diqqətinizə çatdırırıq.
Qarabağ məsələsi ilə bağlı fikirlərimi demək istəyirəm. Neçə müddətdir, bu parlamentdə məsələ qaldırılır ki, parlamentdə ya qapalı, ya da açıq dinləmə keçirilsin. Ümumiyyətlə, Qarabağ danışıqları ilə bağlı parlamentə bir məlumat verilsin. Nə qədər bu deputatlar mətbuatdan, saytlardan, xarici informasiya agentliklərindən Qarabağ danışıqlarında Azərbaycan rəhbərliyinin, yaxud qarşı tərəfin mövqeyi ilə bağlı fikirləri dinləyəcəklər? Bu inamsızlıq nədəndir? Niyə millət vəkillərinə məlumat verilmir? Heç olmasa, desinlər ki, bu mərhələli danışıq nədən ibarətdir. Yaxud yazırlar ki, irəliləyişə nail olundu, amma biz danışıqlardan sonra heç bir irəliləyişin olmadığının şahidi oluruq. Ya ölkə başçısı İlham Əliyevin özü, ya da onun Qarabağ məsələlərində səlahiyyətli nümayəndəsi parlamentə çağırılsın və nəhayət, Qarabağ məsələləri ilə bağlı bir dinlənmə keçirilsin, bizə məlumat verilsin. Biz də danışılan məsələlərin gerçək üzünü bilək, heç olmasa, məlumatımız olsun.
Başqa bir məsələni də qeyd etmək istəyirəm. Biz burada büdcə müzakirə olunanda təkliflərimizi pərakəndə şəkildə səsləndirmişdik. Büdcəyə nəzarətin çox bərbad halda olduğunu biz çıxışlarımızda göstərdik. Büdcə üzərində nəzarət mexanizmi yoxdur. Ona görə təklif edirik ki, hər komitədən bir nəfər daxil olmaqla büdcəyə nəzarət mexanizmi yaradılsın. Büdcəyə parlament deputat qrupunun nəzarəti olsun. Bu nəzarət qrupu yaradılsın və bu da bizim iş planımıza daxil edilsin.
Dəfələrlə təklif etməyimizə baxmayaraq, bir məsələ yenə iş planına daxil edilməyib. Amma yenə də şərh vermək istədiyiniz, amma vacib saymadığınız bir məsələni diqqətə çatdırmaq istəyirəm. Son bələdiyyə seçkiləri Azərbaycanda keçirilən ən bərbad seçkilərdən biri idi və o, gerçəkliyin təzahürüdür. Nəhayət, biz ortadan çəkildik və YAP xalqla üz-üzə qaldı. Heç xalqa da ehtiyac yox idi, YAP-ın üzvlərinin əli bir-birinin yaxasında qaldı. Deyirsiniz ki, bunlar iki müxalifət deputatının ərazisində olub. Bəli, həmin ərazidə yaşayan insanlar həmin deputatların fədakarlığı, məhz seçki saxtakarlığının qarşısının alınması ilə bağlı fikirləri, çıxışları, mövqeləri sayəsində öz haqları uğrunda mübarizəyə qalxıblar. Doğru deyirsiniz, guya seçkidə baş verən qanun pozuntusu ilə bağlı bir icra başçısı işdən çıxarıldı. O, nümunə idi. Bütün icra başçıları onun günündədirlər.
Ölkədəki seçkilərin, demək olar ki, əksəriyyəti saxtalaşdırılıb. Siyavuş Novruzov dedi ki, ölkədə azad və ədalətli seçkilər keçirilib. 1993-cü ildən indiyə qədər ölkədə beynəlxalq standartlara cavab verməyən qeyri-azad, qeyri-ədalətli saxta seçkilər keçirilib. Bunu biz müxalifət olaraq, dəfələrlə bildirmişik və eyni zamanda, beynəlxalq qurumlar da seçkilərlə bağlı heç zaman “ədalətli seçki keçirilib” fikrini işlətməyiblər. Nöqsanlardan danışıb, seçkiləri tənqid ediblər. Amma bu son seçkilər onu göstərdi ki, Azərbaycandakı seçki təcrübəsi ölkəni çox pis vəziyyətə qoyub və qoymaqdadır. Bu, davam eləsə, sizi inandırıram ki, ölkədə vəziyyət həddindən artıq pis olacaq. Ölkədəki bu durumdan çıxmanın tək bir yolu var. O da azad və ədalətli seçkilər nəticəsində formalaşan hakimiyyətdən, parlamentdən keçir. O parlamentdən ki, hökumət üzvləri bura gələndə onların yanını kəsdirib bəy tərifi deməsin, onlardan xahiş eləməsin, onları tərifləməsin. Onlardan məsuliyyət, iş tələb eləsin. Niyə ölkə bu gündədir, niyə bu ölkə bərbad vəziyyətdədir, niyə ölkədə korrupsiya və rüşvət bu səviyyədədir, niyə insanlarımız bərbad haldadırlar?
Bakı dünyanın 20-ci varlı şəhəri kimi qeydə alınıb. Bəs hanı? İnsanlar minimum yaşamaq imkanında deyillər. Biz hesab edirik ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi bu ölkənin yeganə xilas yoludur. Ona görə də seçki komissiyaları yenidən təşkil olunmalı, Seçki Məcəlləsi dəyişdirilməlidir və nəhayət, bu seçkilər hakim partiya olan YAP-ın nəzarətindən çıxarılmalıdır. Kiminsə xeyrinə yox, paritet əsasda, bütün tərəfləri razı salan, qarşılıqlı etimad əsasında formalaşan komissiyaların nəzarəti əsasında bu ölkədə ədalətli, normal, demokratik seçki keçirilməlidir. Ondan sonra Azərbaycanın dünyada yaxşı bir demokratik ölkə olmasından söz açmaq olar. Yoxsa biz burada danışacağıq, amma orada bizim nümayəndələrimizin yaxası beynəlxalq qurumların əlində qalacaq. Ona görə də hesab edirik ki, proporsional və majoritar seçki sisteminin keçirilməsi təmin olunmalıdır. Bəli, yenidən referendum keçirilməlidir, ötən referenduma heç bir ehtiyac yox idi. Biz hesab edirik ki, ölkənin taleyi indi keçiriləcək referendumdan asılı olmalıdır. Məhz bu seçki məsələsi ilə bağlı referendum keçirilməlidir, həm majoritar, həm də proporsional seçki sistemi bərpa olunmalıdır. Biz Müsavat Partiyası olaraq, hesab edirik ki, millət vəkillərinin sayı 201-ə çatdırılmalıdır. Bu bizim təklifimizdir.
Növbəti deyəcəyim məsələ parlament televiziyasının bərpa və yaxud təşkil olunması ilə bağlıdır. Oqtay müəllim, burada dəfələrlə söhbət gedib. Parlament televiziyası olmalıdır ki, bu xalq bu ölkənin YAP-ın diktəsindən çıxmasının, heç olmasa, şahidi olsun. Görsün ki, YAP-a alternativ fikir var. Dünyada inkişaf alternativ fikirdən, qarşılıqlı sağlam mübahisələrdən keçir. Xalqa o seçim imkanı verilməlidir. Onlar bilməlidirlər ki, bu ölkədə, doğrudan da, onların haqqını deyən, müdafiə edən bir təbəqə var. Azad seçki keçirin. Baxın, görün, bu xalq kimə səs verir? Bu xalqın heç 10 faizi də YAP-a səs verməz. Bu gün üzvlərinin sayının yarım milyondan artıq göstərdiyimiz Yeni Azərbaycan Partiyasının üzvlərinin 99 faizi zorən YAP-çıdır. Yerini, işini itirməmək üçün, basqılar altında, qorxular altında və sair. Bu, gerçəklikdir, bunları sizin görməniz lazımdır. Yaxın zamanlarda bunu görəcəksiniz, amma tez görsəniz, bu, ölkəmizin daha çox xeyrinə olmuş olar.
Deyəcəyim digər bir məsələni də Pənah bəy burada səsləndirdi. Saxtakarlıqdan danışırıq. Bu parlamentdə qanun layihələri saxtalaşdırılıb. Partiyamız və Müsavat deputat qrupu bununla bağlı həm sorğu, həm də respublika prokurorluğuna müraciət hazırlayır. Ölkədə çox böyük qanun pozuntusu, dövləti cinayət baş verib. Rəhbərlikdə oturan şəxslərdən birinin rəhbərlik elədiyi komitə Milli Məclisin qəbul elədiyi qərarlarda saxtakarlıq edib, dəyişdirib və onu göndərib. Prezident həmin qanunu imzalayıb. Biz bu məsələlərə aydınlıq gətirilməsini istəyirik. Biz bunu ölkədəki vəziyyətin nə həddə olmasının ən son göstəricisi hesab edirik. Hesab edirəm ki, bu məsələ ilə bağlı parlament məsələ qaldırmalıdır. Biz bu məsələnin ciddi-ciddi araşdırılıb, günahkarların cəzalandırılmasının şahidi olmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən belə gördüm ki, ən fəal deputatımız Arzu Səmədbəylidir, burada oturan digər deputatlarda fəallıq yoxdur. Yəni çox alovlu danışır. Ancaq eyni şeyləri həmişə eşitməkdən, mənə elə gəlir ki, millət vəkilləri də yorulublar. Mən indidən deyim, Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişməyəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay sağ ol. Ürəyin rahat olsun. İkinci, xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Görürsən, sizdə dinləmək qabiliyyəti yoxdur. 10 dəqiqə danışdın, sözün kəsilmədi. İki kəlmə söz deyirik, götürmək istəmirsiniz. Siz göydən zənbillə düşmüsünüz? Dinləmək qabiliyyəti olmayan insanın heç sözünə də qulaq asılmır. Amma biz qulaq asdıq.
Deyirsən ki, YAP 10 faiz səs yığa bilməz. YAP-ın üzvlərinin sayı hamıya məlumdur. Bələdiyyə seçkiləri də göstərdi ki, Müsavat Partiyası heç namizəd tapa bilmirdi. “Bizim qrup” deyirsən, hansı qrupdan söhbət gedir? Gəlin, məsələyə bir balaca real yanaşaq. İndi partiyaarası söhbətlər edirsiniz, nə edirsiniz, özünüz bilərsiniz. Amma Milli Məclisdə çıxış edirsən, burada qanunvericilik işləri planından söhbət gedir. Deyirsiniz ki, Müsavat qrupu qanun layihələri verib. Qanun layihəsinin qəbul olunma forması var. İndi bununla bağlı bir misal çəkəcəyəm. Siz şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə aid qanun layihəsi hazırlamışdınız. Amma heç xəbəriniz yox idi ki, bu qanun layihəsi çoxdan qəbul olunub. Biz o qanun layihəsini gündəliyə çıxarmalıyıq?
İkinci, qanun layihəsi hazırlayırsınız. Əgər bu qanun çiydirsə, onu necə ortalığa çıxara və deputatlara verə bilərik? Bunun qaydası var, qanun layihəsi təqdim olunur, işçi qrupunda, komissiyalarda baxılır, rəylər verilir. Təkcə siz verən qanun layihələri yox, bütün qanun layihələri belə təqdim olunur. Prezidentdən gələn qanun layihələri də komitələrə verilir. Komitələrdə baxılır və komitələr cavabını verir. Heç bir millət vəkili deyə bilməz ki, qanun layihəsi verib, amma komitə tərəfindən ona cavab verilməyib. Əgər cavab sizi qane eləmirsə, bu, başqa məsələ. Amma deyilsə ki, ona baxılmır, bu, ədalətsiz söhbətdir. Mən hesab edirəm ki, təqdim olunmuş qanunvericilik işləri planı çox tutumludur, biz bunu qəbul eləməliyik və işimizi buna uyğun aparmalıyıq. Əgər başqa etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında. Hörmətli millət vəkilləri, siyahı sizdə var. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hər il Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları təşkil olunanda bu məsələni qaldırırıq. Mən xatırlayıram, keçən il biz bu məsələni qaldıranda, Siz demişdiniz ki, artıq siyahı müəyyənləşdirilibdir. Müsavat deputat qrupu da rəsmi şəkildə bir fraksiya, qrup kimi qeydə alınmasa da, Yeni Azərbaycan Partiyasından sonra ən çoxsaylı müxalifət qrupdur. Müsavat deputat qrupundan bir nəfər, konkret İkram İsrafilin adını çəkmişdik. Biz göstərilən o namizədlərin əleyhinə deyilik. Əgər say məhdudiyyəti yoxdursa, bizim xahişimiz odur ki, İkram İsrafil də Müsavat Partiyasının, müxalifətin üzvü kimi komissiyaya daxil edilsin.
Sədrlik edən. Çox sağ olun. De ki, bir millət vəkili kimi daxil olsun, müxalifət üzvü kimi yox. Millət vəkili kimi daxil olmasına “hə” deyərdik. Mən heç bir söz verməmişəm, söz versəydim, deyərdim, bu çağırışda deyil, gələn çağırışda... Amma etiraz yoxdursa, İkram İsrafili də siyahıya əlavə edək. Etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.06 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Əgər bir təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Biz komitəmizdə bu məsələni müzakirə etmişik. Bu bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin son zamanlar həm Azərbaycanda, həm də Qazaxıstanda bir neçə görüşü iki xalqın arasında münasibətləri ən yüksək səviyyədə qurmağa əsas yaradır. Bu gün biz deyə bilərik ki, Azərbaycan və Qazaxıstan həm dünya, həm Avropa məkanında, həm də öz aralarında münasibətləri ən yüksək səviyyədə təşkil edə biliblər.
Təbiidir ki, iki dövlət arasında vizaların aradan qaldırılması ilə bağlı bu gün hörmətli millət vəkillərinə belə bir sənəd təqdim olunub. Bu, imkan yaradacaq ki, hər iki dövlətin vətəndaşları heç bir problem olmadan həm Qazaxıstana, həm Azərbaycana gedib-gələ bilsinlər, həm Qazaxıstandan, həm də Azərbaycandan tranzit ölkə kimi istifadə edərək başqa ölkələrə getsinlər. Bununla yanaşı, həm Azərbaycanda, həm də Qazaxıstanda həmin vətəndaşların iqtisadi maraqları yüksək səviyyədə təmin olunacaqdır.
Bu saziş, doğrudan da, Azərbaycanın və Qazaxıstanın əlaqələrini genişləndirməklə yanaşı, hər iki xalqı bir-birinə yaxınlaşdırır. Hər nöqteyi-nəzərdən bu saziş bizim üçün çox vacibdir. Birinci, etnik, mədəni, mənəvi cəhətdən Qazaxıstan bizə çox yaxın ölkədir. İkinci, Qazaxıstanın Avropaya yolu məhz Azərbaycan vasitəsilə həyata keçirilir. Ona görə bu gün mən öz həmkarlarımı həmin sazişin təsdiq edilməsinə çağırıram və buna müsbət münasibət bildirməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən bu sazişi alqışlayıram və hesab edirəm ki, belə bir sənəd çoxdan imzalanmalı idi. Bu gün çox istərdim ki, Milli Məclis olaraq Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldıraq. Hörmətli Səməd müəllim də qeyd etdi ki, biz Qazaxıstanla həm də etnik cəhətdən yaxın xalqıq, millətik. Bu məsələ Türkiyə ilə də öz həllini tapmalıdır. Bu gündən, səhv etmirəmsə, İran İslam Respublikası da vizanı aradan qaldırıb. Orada bizim 30 milyon soydaşımız, qardaşımız yaşayır. Onların da öz vətənlərinə sərbəst gəlib-getmək imkanları olmalıdır. Mən təklif edirəm ki, Milli Məclisin rəhbərliyi müvafiq icra strukturları qarşısında bu məsələni qaldırsın və hər iki dövlətlə də vizasız gediş-gəliş təmin edilsin.
Oqtay müəllim, günün birinci yarısında fasiləyə az qaldığı üçün mən çox təkid etmədim. Amma, xahiş edirəm, mənim hüququmu nəzərə alıb 1 dəqiqə vaxt verəsiniz, bir məsələyə münasibət bildirmək istəyirəm. Elmira xanım məni burada ədalətsizlikdə ittiham etdi, mənim bu məsələlərə çox ədalətsiz yanaşdığımı dedi. Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyası çox əfvlər verəndə, yaxud tez-tez amnistiyalar olanda, bu, vətəndaşların qanun qarşısında bərabərlik prinsipini pozur.
Hörmətli həmkarımız Mehriban xanım bu çağırışda amnistiya layihəsi ilə çıxış edib. Hesab edirəm ki, 5 ildə bu kifayətdir. Əfv məsələsinə gəldikdə isə Elmira xanım məni ədalətsizlikdə ittiham etdi. Mən bu məsələni heç vaxt ictimailəşdirmək istəmirdim. Amma indi üzümü tuturam hörmətli həmkarlarıma, qoy onlar Elmira xanımın hərəkətinə ad qoysunlar. Bayaq, Oqtay müəllim, Siz də Milli Məclislə bağlı söhbət olanda qeyd etdiniz ki, bu hərəkətin adını millət vəkilləri müəyyənləşdirsinlər.
Əgər Elmira xanım analar günü ilə bağlı çıxış etməsəydi, mən onun qadın olmasını nəzərə alıb bu məsələyə toxunmayacaqdım. Bilirsiniz ki, mənim qardaşımı sifarişlə qətlə yetiriblər və onun üç körpə uşağı başsız qalıb. Onun da, onun uşaqlarının da anası var idi. Əfv Məsələləri Komissiyasının az qala bütün iclaslarında o, məsələ qaldırır ki, qardaşımı vuran killer azad olunmalıdır. Mən ikilikdə Elmira xanımı çağırıb dedim ki, Siz də anasınız, Sizin də övladınızı güllələsəydilər, başqa bir millət vəkili övladınızı vurana əfv tələb etsəydi, Sizin ona münasibətiniz necə olacaqdı? Azərbaycan xalqı, millət vəkilləri də Elmira xanımı daha yaxından tanımalıdırlar. Əslində, elə bir insan Əfv Məsələləri Komissiyasının üzvü olmamalıdır.
Mən Əfv Məsələləri Komissiyasının üzvü olan deputat həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu məsələ ilə bağlı onlar ləyaqətli, vicdanlı formada bildiriblər ki, hətta biz sənədləri göndərsək də, Prezident belə bir əfvə imza atmaz. Amma bu adam əl çəkmir. Mən bilirəm, ona bu sifarişi verən kimdir və bilirəm, bunu nəyin müqabilində edir. Bu adam haqqında daha heç nə demirəm, hamı bilir. Sadəcə, onu demək istəyirəm ki, bu adam nə Əfv Məsələləri Komissiyasının üzvü olmağa, nə də Milli Məclisdə oturmağa layiq adamdır. Killerin azad, əfv olunmasını tələb edən bir adam bu gün kimisə ədalətsizlikdə ittiham edir. Bəli, Əfv Məsələləri Komissiyasında çox ləyaqətli adamlar var, amma çox təəssüf ki, bu cür təşəbbüslə çıxış edən insanlar da var. Çox sağ olun.
Sədrlik edən. Deputatlığa layiq olub-olmamasını biz müəyyən etmirik, seçicilər müəyyən edirlər. Dediyiniz məsələni ayrıca da danışmaq olardı. Fəzail İbrahimli.
F. İbrahimli. Oqtay müəllim, mən Sizin vaxtınızı çox almayacağam. Təbii ki, təqdim edilən məsələyə birmənalı şəkildə tərəfdaram. Çox xahiş edirəm, bir məqamı demək üçün mənə şərait yaradasınız. Əks təqdirdə mən bu məqamı açıqlamasam, seçicilərim məni suçlaya bilərlər. Söhbət nədən gedir? İclasın birinci hissəsində burada fikir səsləndi ki, cənub regionunda aparılan sorğuda əhalinin filan faizi İslam rejimində yaşamağa tərəfdar olduğunu bildirib. Deyim ki, həmin sorğunun kim tərəfindən aparıldığını bilmirik. Ola bilər ki, genetik kodunda antiazərbaycan elementləri daşıyan və xaricin sifarişi ilə yaşayan, xaricdən qidalanan bir təşkilat aparıb. Bu məsələnin kifayət qədər siyasi tərəfi var. İslam rejiminə meyillilik bugünkü rejimdən narazılığın ifadəsidir. Mən bu rejimdə yox, digər rejimdə yaşamaq istəyirəm.
İkincisi, məsələ mahiyyət etibarilə tamamilə yanlışdır. Mən həmin bölgə ilə daim əlaqə saxlayıram, seçicilərimlə görüşürəm. Cənub zonasında ölkənin, regionun sosial-iqtisadi inkişafı ilə bağlı aparılan bütün tədbirlər bəyənilir, kifayət qədər işlər gedir. Əhalinin dindar olması, dini adət-ənənələrə riayət etməsi hələ o demək deyil ki, əhali hansısa bir rejimin tərəfdarıdır. Ona görə xahiş edirəm ki, bu cür siyasi xarakterli bəyanatlarda ehtiyatlı olun. Adi bir insanın deyil, həmkarın, dostun, professorun belə bir bəyanatla çıxış etməsi, güman edirəm ki, bütövlükdə cənub zonasına qarşı tamamilə qeyri-səmimi münasibətdir, yanlış fikirdir. Mən bunu tamamilə təkzib edirəm. Həmin zonadan seçilmiş deputat, bu regiondan olan ziyalı, orada yaşayan camaatın psixologiyasını bilən bir insan kimi, hesab edirəm ki, bu, səhv və yanlış fikirdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də fikrinizlə tam razıyam. Belə bəyanatlarla çıxış etmək düzgün deyil. Ən əsası ona görə ki, biz eyni kollektivin üzvləriyik, millət vəkilləriyik. Regiondan seçilən millət vəkili ilə məsləhətləşmək, soruşmaq olar. Bu nə məsələlərdir? Belə məsələlərdə diqqətli olmağımız daha düzgündür. Hər dəfə İranla, Gürcüstanla əlaqədar söhbətlər olur, hərə öz fikrini yazır, özü də hərə öz fikrini doqma kimi göstərmək istəyir.
Keçən dəfə mən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan–Rusiya forumu ilə bağlı tədbirdə bir çıxışa qulaq asdım, səhəri gün qəzetlərdə Gürcüstanla əlaqədar ittihamlar oxuduq. Biz milli mənafelər baxımından belə məsələlərə diqqətlə yanaşmalı, sözlərimizə də fikir verməliyik. Mən sizinlə tamamilə razıyam.
Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmışdır. Sazişin yerinə yetirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Qazaxıstan tərəfdən isə Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyidir. Tərəflər heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin ixrac, idxal və tranziti zamanı öz dövlətlərinin ərazilərini heyvanların infeksion və parazitar xəstəliklərə yoluxması və yayılmasından qorumaq məqsədi ilə əməkdaşlıq həyata keçirirlər.
“Tərəf dövlətlərin səlahiyyətli orqanları baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması məqsədi ilə baytarlıq sahəsində təcrübə və informasiya mübadiləsi aparırlar; elmi tədqiqat baytarlıq institutlarının əməkdaşlığını dəstəkləyirlər; baytarlıq sahəsində texniki jurnal və digər nəşrlərin mübadiləsinə yardım edirlər; texniki görüşlər və tədris proqramları barədə bir-birlərini məlumatlandırırlar; baytarlıq-sanitariya norma və standartlarına dair informasiya mübadiləsi aparırlar”.
“Tərəf dövlətlərin səlahiyyətli orqanları Tərəf dövlətlərin heyvanların, heyvan mənşəli məhsulların və xammalın, heyvanların genetik materiallarının, baytarlıq preparatlarının, yemlərin və baytarlıq nəzarətinin obyektini təşkil edən digər əmtəələrin ixracı ilə məşğul olan müəssisələr barədə informasiya mübadiləsi aparırlar”.
Burada çoxlu maddələr var. Bu çox lazımlı bir sazişdir. Biz də Aqrar siyasət komitəsində bu məsələni müzakirə etmişik. Hesab edirəm ki, lazımlı bir sazişdir, bunu təsdiq etmək lazımdır. Hörmətli deputat həmkarlarımdan xahiş edirəm ki, bu məsələyə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Səməd müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Polis haqqında” Qanunun 29-cu maddəsinə görə polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içir. Bu andın mətni məlumdur və 29-cu maddədə verilir. Bu mətnə bir cümlənin əlavə olunması təklif edilir: “Mən polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa...”, ardı isə olduğu kimi qalır. Müdafiə Nazirliyində də, yəni hərbçilər də bu cür and içirlər. Bir sıra digər ölkələrdə də məhz dövlətə, xalqa sədaqəti ifadə edən andın forması mövcuddur. Bu bizim tərəfdən də dəstəklənəcək, çünki hüquq mühafizə orqanı kimi polis orqanlarının ilk növbədə dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməsinin andda öz əksini tapması çox vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na dəyişikliklər və əlavə edilməsi barədədir. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, Konstitusiyaya edilmiş dəyişikliklərdən biri də Milli Bankın “Mərkəzi Bank” kimi adlandırılması oldu. Buna xalqımız səs verdi və həmin dəyişiklik qüvvədədir. Təbii ki, digər qanunlarımızda həmin sözləri Konstitusiyaya uyğunlaşdırmaq lazımdır. Ona görə də “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 5-ci və 6-cı maddələrində xidməti pasport daşıyıcıları və diplomatik pasport daşımaq hüququ olan qurum və şəxslər arasında Mərkəzi Bankın sədri və onun müavinləri də qeyd olunmalıdır.
Eyni zamanda, bilirsiniz ki, bir müddət öncə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun qəbul etdik. Bu qanunun tətbiqi ilə bağlı qərara alındı ki, Mərkəzi Bankın yanında Maliyyə Monitorinq Xidməti yaradılsın. Belə bir xidmət yaradılıb və onun direktoru da təyin olunub. Təklif olunur ki, həmin Maliyyə Monitorinq Xidmətinin direktoruna da diplomatik pasport daşımaq səlahiyyəti verilsin. 5-ci maddədə isə Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin məsul işçilərinə xidməti pasport daşımaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. Məhz bu iki dəyişikliklə bağlı xidməti və diplomatik pasport haqqında maddələrə, yəni
5 və 6-cı maddələrə bu sözlərin əlavə olunması təklif edilmişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım, buyurun.
B. Muradova. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli Əli müəllim, mən qanun layihəsinin təqdimatı ilə bağlı söylədiyiniz fikirlərin hamısını qəbul edirəm. Amma mətndə 5-ci maddə ilə bağlı mənim başa düşmədiyim bir məqam var. Burada xidməti pasportların hansı orqanların işçilərinə şamil edildiyi sadalanır. “Nazirlər Kabinetinin məsul işçilərinə” sözlərindən sonra “şəhər, şəhərdə rayon və rayon xalq deputatları sovetlərinin sədrləri” yazılır. Mən bilən bu qurumlar çoxdan ləğv olunub. Əgər biz konkret maddəyə hər hansı bir dəyişikliyi ediriksə, çoxdan sıradan çıxmış belə terminlər də qanunda qalmamalıdır. Bəs nə əcəb Siz buna diqqət etməmisiniz? Mən təəccüb etdim ki, Sizin diqqətinizdən belə bir məsələ qaçıbdır. Bununla bağlı nə deyə bilərsiniz?
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, icazə versəniz, sualı cavablandırardım. Çox vacib məsələdir və əslində, xoşagələn hal deyil. Mən iradı, Bahar xanım, qəbul edirəm. Məsələ bundadır ki, 1995-ci il Konstitusiyasının qəbuluna qədər qəbul olunmuş qanunvericilik aktlarında hələ də bu cür terminlər qalır. Əslində, bu hüququ tətbiq edənlərə aydındır ki, bunun hər hansı bir hüquqi qüvvəsi yoxdur. Müstəqil dövlətdə yaşayırıq, yeni Konstitusiyamızda və bizim hüquq məkanımızda bu qurumlar yoxdur. Əlbəttə, bizim borcumuzdur ki, bu cür, yəni 1993–1994-cü illərdə qəbul olunmuş qanunlarda belə terminlərin çıxarılmasına çalışaq. Fikrinizin davamı olaraq, hesab edirəm ki, qarşımızda duran əsas vəzifələrdən biri də, ümumiyyətlə, bu sahəni, pasportlar, şəxsiyyət vəsiqələri məsələsini tənzimləyən mövcud bir neçə qanunu birləşdirmək və pasportlar haqqında vahid bir qanun təqdim etməkdir. Ona görə mən iradı qəbul edirəm və hesab edirəm ki, gərək qısa zaman çərçivəsində bunları düzəldək.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən də günün birinci yarısında çıxış edən həmkarlarıma qoşulub yaz sessiyasının başlanması münasibətilə Milli Məclisin rəhbərliyini və həmkarlarımı təbrik edirəm. Onlara daha işgüzar şəraitdə yüksək məhsuldarlıqla işləməyi arzulayıram. Hesab edirəm ki, keçən 4 il müddətində Milli Məclis tam səlahiyyətli ali qanunverici orqan olduğunu hərtərəfli göstərmişdir. Qəbul olunan qanunların hər biri Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyətə malikdir.
Müzakirə edilən məsələ ilə bağlı Bahar xanıma da minnətdarlığımı bildirirəm. Mən də “şəhər, rayon xalq deputatları sovetlərinin sədrləri” sözlərini özümdə qeyd etmişdim. Mən bütövlükdə təklif olunan dəyişikliklərə səs verəcəyəm. Amma buradakı mətndən başa düşmədim, hörmətli Əli müəllim, ali məktəb rəhbərlərinə, o cümlədən kafedra müdirlərinə, dekanlara və dekan müavinlərinə xidməti pasport veriləcəkdir? Mənə tam aydın olmadı ki, həmin məsələ qüvvədə qalır, yoxsa bunu əlavə etməyə ehtiyac vardı? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Jalə Əliyeva buyursun.
J. Əliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mən də yaz sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edirəm və inanıram ki, yaz sessiyasında da biz əvvəlki sessiyalarda olduğu kimi səmərəli işləyəcəyik. İclasın birinci yarısında qeyd olundu ki, üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyəti dövründə 1000-ə yaxın qanuna öz imzasını atıb, bunları müzakirə və qəbul edib. Bu gün paylanan 2010-cu ilin yaz sessiyasının qanunvericilik planına nəzər salarkən bir nikbinlik yaranır.
Həmin plan bunu deməyə əsas verir ki, yaz sessiyası dövründə də ölkə, cəmiyyət çox əhəmiyyətli olan qanunlarla zənginləşəcəkdir. Əslində, çıxışımda demək istədiklərimin bir hissəsini məndən əvvəl çıxış edən həmkarlarım, çox hörmətli Bahar xanım və Astan Şahverdiyev artıq dedilər. Eyni qeydi mən də demək istəyərdim. Mən də bu haqda danışacaqdım. Mən də onların fikrinə qoşuluram. 1992-ci ildən bəri artıq şəhər, rayon xalq deputatları sovetləri ləğv olunub. Belə bir qurum yoxdursa, həmin qurumun sədrinə pasport verilməsinin də, yəqin ki, heç bir əsası yoxdur.
Lakin ikinci bir məsələyə toxunmaq istərdim. Burada belə bir cümlə var: “…Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərlərsə, onların arvadına (ərinə) və 18 yaşına çatmış ərdə olmayan qızlarına…”. Bu fikir mənim üçün anlaşılmazdır. Yəni qızların bir immu-nitetimi var? Əgər valideynləri xaricdə işləyirlərsə, 18 yaş-ına çatmış ərdə olmayan qızlara ərə gedənə qədər pasport verilə bilər, amma oğlanı bu hüquqdan məhrum edirik. Bunu heç bir qanuna uyğunlaşdıra bilmədiyim üçün düşünürəm ki, burada 18 yaşına çatmış uşaqların qeyd edilməsi daha ədalətli olardı, çünki qız da, oğlan da – hər ikisi bərabərhüquqlu vətəndaşdır. Əgər valideyninin hüququ uşaqlardan birinə şamil olunursa, digərinə də şamil olun-malıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim demək istədiklərim birbaşa məsələyə aid deyil. Məlum məsələdir ki, biz bu layihəyə komitədə baxmışıq, qəbul etmişik. Burada səslənən bəzi fikirlərə də Əli müəllim cavab verdi. Ancaq mən dolayısı ilə bu məsələyə aid olduğuna görə bir fikrə toxunmaq istəyirəm.
Bilirsiniz ki, son vaxtlar cəmiyyətdə familiyaların sonluqları ilə bağlı geniş müzakirələr gedir. Ümumiyyətlə, biz, burada da deyildi, pasportlar, şəxsiyyət vəsiqələri haqqında qanun qəbul etməli və bu məsələləri nizamlamalıyıq. Fikir verirsinizsə, bizim sənədlərdə familiya əvvəl, şəxsin adı isə sonra gəlir. Mən araşdırmışam, dünyanın heç yerində belə bir hal yoxdur. Yalnız keçmiş Sovetlər İttifaqına daxil olan respublikalarda belədir. İstənilən ölkədə şəxsin adı əvvəl, familiyası sonra gəlir. Şəxsin atasının adı isə ingilisdilli
xalqlarda ortada, bəzi xalqlarda sonda yazılır. Burada dolaşıqlıq nədədir? Əgər keçmişə qayıtsaq, görərik ki, insanların əvvəl adı olub, sonra onların soykökünü bildirən bu və ya digər söz səsləndirilib.
Bəzilərinə bu məsələ ciddi görünməyə bilər, amma ciddi məsələdir. Familiya sonluqlarının dəyişdirilməsi aksiomadır və bununla bağlı komissiya çalışır və komissiya müəyyən rəy verəcəkdir. Rəy verildikdən sonra, yəqin ki, biz də bu-nunla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edəcəyik. Doğrudur, qanuna görə bu, könüllü olacaqdır, amma bir azdan həmin qanunu başqa formada ifadə etmək zərurəti mütləq yaranacaqdır. Çünki millətin göstəriciləri var və bu da mütləq öz həllini tapmalıdır. Əgər bəziləri familiyalardan ov, yev sonluqlarını götürsələr, çox əcaib alınır. Mənim fa-miliyam və adım Qurbanlı Mübariz normal səslənir. Əgər mən “lı” sonluğunu götürsəm, “Qurban Mübariz” kimi yazılacaqdır. Bilməyəcəklər ki, bunlardan hansı şəxsin adını, familiyasını bildirir. Ona görə də biz bunu dəyişməliyik. Bəziləri iddia edə bilərlər ki, bu çox xərc aparacaq, sənədləri dəyişməli olacağıq. Əvvəla, sənədləri dəyişməyə heç indi də ehtiyac yoxdur. Sadəcə, sonluğu dəyişdirirkən sənədə xüsusi möhür vurulur, qalan sənədləri notariusa aparırsan və 5 dəqiqəyə hamısının üzərindən sonluğu götürürlər, möhür vu-rurlar, bununla da məsələ həll olunur.
Digər tərəfdən, kütləvi şəkildə də olmasa, adların qabağa keçirilməsi prosesini həyata keçirmək lazımdır. Mən Əli müəllimdən komitə sədri kimi xahiş edirəm, bu məsələni bi-zim komitədə də diqqətdə saxlayaq, mütəxəssislərlə birgə düşünək. Pasportlar haqqında deyilən formada birləşmiş, sənədlər toplusunu ehtiva edən qanun olacaqsa, biz bunu həll edək və gələcəkdə də tabloda adlar öndə, familiyalar sonra getsin. Bu məsələni diqqətə çatdırmaq istədim. Mən demirəm, bu dəqiqə, bu gün həll olunsun. Amma bu məsələnin Milli Məclisin, xüsusi olaraq komitənin diqqətində saxlanılmasını təklif edirəm.
Komitənin üzvü kimi burada səslənən bəzi suallara mənim cavab verməyə səlahiyyətim çatır. Kafedra müdirlərinə və sairlərinə xidməti pasportların verilməsinə, düşünürəm ki, lüzum yoxdur. Xüsusi pasportların dairəsinin genişləndirilməsi o qədər də vacib deyil. Sovetlər dönəmində, ola bilsin ki, hansı məqsədlə isə həmin pasportlar verilirdi. İndiki şəraitdə düşünürəm ki, xüsusi pasportların dairəsinin genişləndirilməsinə ehtiyac yoxdur, elə olduğu kimi saxlamaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu barədə fikirləşmək olar. Buyursun Aydın Həsənov.
A. Həsənov. Hörmətli Oqtay müəllim, bu layihənin geniş müzakirəsinə ehtiyac yoxdur, səsə qoyaq və qəbul edək. Amma şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar mən də getmişdim. Mənə dedilər ki, doğum haqqında şəhadətnamə gətir. Dedim ki, mənim şəhadətnaməm olan arxiv 1947-ci ildə yanıb, indi haradan bunu gətirim? Şəxsiyyət vəsiqəsini verək, “Həsənli” yazsınlar, qaytarsınlar. Bu barədə bir qanun qəbul edək ki, camaat inciməsin. Vəsiqəni verək, familiyanı dəyişdirsinlər. Deyirlər ki, get, doğum haqqında şəhadətnamə, filan sənədləri gətir. Xahiş edirəm, bununla bağlı sənədlərin siyahısını burada dəqiqləşdirək. Şəxsiyyət vəsiqəsini və bir ərizə ver, əgər dövlətə 5-3 manat pul köçürüləcəksə, köçürülsün, bununla da məsələni qurtaraq. Buna görə çoxlu sənədlər tələb edirlər, çoxları da o pasportları dəyişməyə getmirlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təkliflər yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihəsinə əsasən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə 187-1-ci maddəyə əlavə olunmalıdır. Həmin əlavədə deyilir: “Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamamasına görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək cərimə edilir”.
Digər bir maddə də əlavə olunur. 187-2-ci maddə isə tele-viziya yayımı sahəsində xüsusi razılığın, yəni lisenziyanın qayda və şərtlərinin pozulmasına aiddir. Burada da vəzifəli şəxslərin üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslərin min manatdan iki min manatadək cərimə edilməsi nəzərdə tutulur.
Məlumat üçün deyim ki, cənab Sədr, bu cür hallar müşahidə edilir. Milli Teleradio Şurasından bu barədə bir arayış da əldə etdik. Məlum oldu ki, bir neçə televiziya və radio tərəfindən bu cür pozuntulara yol verilib. Hazırda İnzibati Xətalar Məcəlləsində “Televiziya və radio yayımı haqqında” Qanunun 36.9-cu maddəsinin tələbinin və xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmayıb. Məhz buna görə də qanun-vericilik təşəbbüsü subyekti tərəfindən belə bir yeni inzibati məsuliyyət nəzərdə tutulması təklif olunmuşdur. Hesab edirəm ki, bu layihə millət vəkilləri tərəfindən dəstəklənər və həmin sahədəki mövcud boşluq da aradan qaldırılmış olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, buyurun.
E. Axundova. Əli müəllim, baxın, 187.1.0.7-ci maddədə çox ciddi bir səhv gedib. Əli müəllim özü oxuyur ki, “…məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlanmasına görə…”. Yayımlanmasına və ya yayımlanmamasına?
Yerdən. (Eşidilmir.)
E. Axundova. Onda bu ciddi səhvdir. Siz bunu düzəldin. Mən elə buna görə böyük bir nitq hazırlamışdım ki, bu, informasiya azadlığının məhdudlaşdırılması deməkdir. Bu çox ciddi bir səhvdir, buna bir fikir verin. Belə çıxır ki, yayımlanmasına görə məsuliyyət daşıyır. Başa düşürsünüz? Bu məsələyə Əli müəllim bir aydınlıq gətirsin.
Sədrlik edən. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun. Bu, əslində, mənim diqqətsizliyimdir. Məsələ bundadır ki, İnsan hüquqları komitəsindən hörmətli İlyas müəllim bir neçə gün bundan əvvəl bu qeydi demişdi. Hazırladığımız qərarda artıq düzəliş etmişik, burada səsləndirməyi, sadəcə, unutdum. Yəni, həqiqətən, belə bir qrammatik səhvə yol verilib.
Sədrlik edən. Oldu. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Nizami Cəfərov.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun. Bu qanunun kifayət qədər çox maddələrinə həm əlavələr, həm də dəyişikliklər edilir. Məsələ də bundadır ki, həmin qanun təxminən 10 il əvvəl qəbul olunubdur. Nəzərdə tutulan əlavə və dəyişikliklərin bir hissəsi bizim tarix və mədəniyyət abidələrimizin müəyyən hissəsinin sərhədlərdə və döyüş zonalarında olması ilə bağlıdır. Bu xüsusi hallardır. Belə xüsusi hallarla bağlı beynəlxalq qanunlar, konvensiyalar mövcud olsa da, biz də öz tərəfimizdən sərhədboyu və döyüş zonalarında olan tarix və mədəniyyət abidələrini qorumaq üçün xüsusi hüquqi prinsiplər hazırlamalıyıq. Əslində, bu prinsiplər mövcuddur. Biz həmin dəyişikliklərin bir çoxunda bunları nəzərdə tuturuq. Burada həmin abidələrin yerli şəraitə uyğun olaraq artıq müvafiq icra hakimiyyəti orqanı yox, müvafiq icra orqanları tərəfindən qorunması nəzərdə tutulur. Yəni abidələrin qorunmasında xüsusi qurumlar, təşkilatlar iştirak etməlidirlər, yalnız Mədəniyyət və Turizm Nazirliyi bu işin öhdəsindən gələ bilməz. Ona görə ki, burada hərbiçilər, münaqişə var, təhlükəli zonalardır və sair. Bunun üçün də müvafiq icra orqanları məsələsi ortaya gəlir.
İkinci qrup düzəlişlər tarix və mədəniyyət abidələrinin özəlləşdirilib-özəlləşdirilməməsi məsələsi ilə bağlıdır. Tarix və mədəniyyət abidələri, ümumiyyətlə, üç qrupa bölünür: dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələr. Yalnız yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə, özü də xüsusi şəraitlərdə, icazə verilir. Əgər orada müəyyən mühəndis-kommunikasiya xətləri, müdafiə obyektləri, şəhərsalma, dini və yaxud xatirə abidələri yoxdursa, buna yol verilir. Elə abidələr var ki, yerli əhəmiyyətli olsalar belə, onların özəlləşdirilməsinə icazə verilmir. Amma bütövlükdə tarixi abidələrin və ya onların müəyyən hissələrinin özəlləşdirilməsi bəzən daha çox tarixi abidələrin qorunması və onlardan faydalı şəkildə istifadə edilməsi ilə bağlı olur.
Belə dəyişikliklərlə yanaşı, bu və ya digər tarix və ya memarlıq abidəsinin bərpası zamanı Milli Elmlər Akademiyasının rəy verməsi vacib hesab olunur. Burada yalnız bu və ya başqa bir icra orqanının bərpa işləri görməsinə icazə verilmir. Yalnız Milli Elmlər Akademiyasının mütəxəssislərinin, arxeoloqların, tarixçilərin, etnoqrafların rəyi əsasında bu işlər aparılır.
Bir sıra dəyişikliklər texniki xarakter daşıyır. Bu qanun qəbul olunanda “Azərbaycan Elmlər Akademiyası” adlanırdı, yəni adında “milli” sözü yox idi, indi “milli” sözü əlavə olunub. Bu qanundakı dəyişikliklər, elə bilirəm ki, tarix və mədəniyyət abidələrimizin qeyri-normal şəraitdə etibarlı qorunması üçün daha çox imkan verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən, təbii ki, bu dəyişikliklərin lehinə səs verəcəyəm və bunları normal qəbul edirəm. Amma burada bir məsələyə istəyirəm ki, aydınlıq gətirək. Biz son zamanlar qanunlarda xüsusiləşmədən ümumiləşməyə keçirik, xüsusilə də qanunun icrasını həvalə etdiyimiz qurumların bir ümumi formada – “müvafiq icra hakimiyyəti” formasında tətbiqinə üstünlük veririk. Bu qanunda da “Milli Elmlər Akademiyasının rəyi”, “Milli Elmlər Akademiyasının icazəsi” terminlərini başa düşmək olmur. Milli Elmlər Akademiyası hansı statusa malik qurumdur? İnzibati səlahiyyətlərə malik deyil. Qanunda xüsusi olaraq bu qurumun adının göstərilməsinin mən heç bir məntiqi izahını tapa bilmirəm. Ola bilsin ki, müvafiq icra hakimiyyətinə, məsələn, Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır. Nazirlər Kabineti də hər hansı bir şəkildə bunun icrası ilə bağlı sərəncam verəndə, yaxud da təlimat hazırlayanda orada göstərilir ki, Mədəniyyət və Turizm Nazirliyi mütləq Milli Elmlər Akademiyasının rəyini nəzərə almalıdır. Qanunda Milli Elmlər Akademiyasının rəyini ayrıca göstərmək heç bir məntiqə sığmır, qanunun ruhuna uyğun deyil.
1-ci maddəyə əlavə edilən altıncı hissədə göstərilir ki, sərhədboyu zona və sərhədboyu zolaqlarda olan tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Orada niyə yazmayaq ki, sərhəd qoşunları tərəfindən həyata keçirilir? Niyə bunu da xüsusiləşdirməyək? Bu baxımdan, məncə, məsələyə bir az daha dəqiq yanaşmalıyıq. “Milli Elmlər Akademiyası” sözlərinin qanunda yer almasının qanunun ümumi məzmununa uyğun gəlmədiyi düşüncəsindəyəm və hesab edirəm ki, bunu xüsusi təlimatda, məsələn, Nazirlər Kabinetinin sərəncamında göstərmək olar. Onda daha düzgün ifadə edilmiş olar. Sabah Milli Elmlər Akademiyası dəyişə, başqa bir ictimai təşkilat formasında elmi struktur yarana bilər. Deyək ki, Elm və Texnika Nazirliyi və ya dövlət komitəsi olarsa, bunu icra orqanı kimi qeyd etmək mümkündür. Amma əlahiddə statusa malik bir ictimai təşkilatın qanunda ayrıca yer alması, məncə, doğru deyil və bunun dəyişdirilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ. Hacıyev. Hörmətli Sədr, hörmətli həmkarlar! “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi çox yerinə düşən bir işdir. Ona görə ki, tarix və mədəniyyət abidələri Azərbaycan xalqının uzun illər boyu yaratdığı mənəvi sərvətdir və belə mənəvi sərvət də qorunub saxlanılmalıdır. Ancaq iş tarix və mədəniyyət abidələrinin təkcə qorunması ilə bitmir, bu abidələr dəqiq siyahıya alınmalıdır. Təəssüf ediləcək haldır ki, bu gün də Azərbaycan Respublikasında nə qədər tarix və mədəniyyət abidəsinin olduğu haqqında suala dəqiq cavab vermək mümkün deyil. Düzdür, artıq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu sahədə iş aparır və Azərbaycan Respublikasında tarix və mədəniyyət abidələri, arxeoloji abidələr və digər xarakterli abidələr dəqiq siyahıya alınır.
Ümumiyyətlə, Sovetlər birliyi dövründə bu abidələr siyahıya alınmışdır. Lakin qeyd etməliyəm ki, bu siyahı dəqiq deyildir. Hətta bilirsiniz ki, Naxçıvanla bağlı erməni iddialarında Naxçıvanda 30 minə yaxın tarix və mədəniyyət abidəsinin olması haqqında fərziyyələr irəli sürülür. Lakin 2006-cı ildən başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində tarix və mədəniyyət abidələri dəqiq siyahıya alınmış, daha doğrusu, 1173 abidə pasportlaşdırılmışdır. Bu abidələrin 56-sı dünya əhəmiyyətli, 459-u ölkə, 658-i isə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələridir. Yəni hər bir abidənin xarakteristikası, mövcud vəziyyəti, yaradıldığı dövr və sair məlumatlar pasportda qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının bütün bölgələrində bu istiqamətdə iş aparır. Elə bilirəm ki, yaxın zamanda həmin abidələr pasportlaşdırılacaqdır. Ancaq konkret olaraq, tarix və mədəniyyət abidələri, xalqın yaratdığı maddi və mənəvi sərvətlər xalq tərəfindən qorunmalıdır. Təqdim edilmiş əlavə və dəyişikliklər də bu abidələrin qorunmasını bir qədər də asanlaşdıracaqdır. Bu qanunun 28 maddəsində 7 xarakterli dəyişiklik nəzərdə tutulmuşdur. Buradakı əlavə və dəyişikliklərin bir neçəsi müəyyən hissənin, “milli” sözünün əlavə edilməsi, bəzi mətnlərin yeni redaksiyada verilməsi, bəzi sözlərin çıxarılması ilə əlaqədardır.
Bir çox məsələləri burada komitə sədri hörmətli Nizami müəllim dedi. Burada müəyyən hissələrin əlavə edilməsi nəzərdə tutulur. “Elmlər Akademiyası” sözlərinin əvvəlinə “milli” sözünün artırılması ulu öndərimiz tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına 2001-ci ildə verilən statusla bağlıdır. 2001-ci ilə qədər “Elmlər Akademiyası” adlanan akademiyaya sərəncamla Milli Elmlər Akademiyası statusu verilmişdir. Bununla əlaqədar qeyd olunan qanunun müəyyən maddələrində, xüsusilə 1, 7, 13, 14, 20, 21-ci maddələrinin mətnlərində və 5-ci maddənin həm adında, həm də mətnində “milli” sözünün artırılması tövsiyə olunub ki, bu da tamamilə qanunauyğundur.
İkinci tərəfdən, burada qeyd olundu, respublika ərazisində olan tarix və mədəniyyət abidələri öyrənilir. Öyrənilirsə, təbii, Azərbaycanda, üzr istəyirəm, təsadüfi adamlar da tarix və mədəniyyət abidələri ilə maraqlanırlar. Lakin tarix və mədəniyyət abidələri, xüsusilə də arxeoloji abidələrlə bağlı tədqiqat aparılırsa, burada Milli Elmlər Akademiyası mütəxəssislərinin rəyi lazımdır. Digər tərəfdən, həmin rayonun hakimiyyət nümayəndələrinin razılığı olmalıdır. Əgər razılıq olmasa, hər bir adam müəyyən arxeoloji abidədə tədqiqat apara bilər ki, bunun da sonu məlum deyil.
Burada həm də rayon icra hakimiyyətinin səlahiyyətləri artırılır, aparılan arxeoloji tədqiqatların nəticəsi, hesabatlar həm də rayon icra hakimiyyətinə təqdim olunmalıdır. Əvvəllər müəyyən tədqiqat işi aparılırdısa, rayon icra hakimiyyəti aparılan işlərin nəticələri ilə tanış edilmirdi. Xüsusilə də sərhədboyu zonalardakı tarix və mədəniyyət abidələrinin qorunmasına xüsusi əhəmiyyət verilir. Bu da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər üçün çox xarakterikdir. Bu mənada həmin əlavə və dəyişikliklər qanunun təkmilləşdirilməsinə xidmət edir. Elə bilirəm ki, deputat yoldaşlarımız birmənalı olaraq bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəklər.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafanın sualını Ziyafət müəllim cavablandırsın, sonra müzakirəni davam etdirək.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, millət vəkilləri! Burada akademik İsmayıl Hacıyev, doğrudan da, kifayət qədər əsaslandırma verdi. Amma mən demək istəyirəm ki, Fazil müəllim, Konstitusiyamızın 93-cü maddəsində göstərilir ki, Milli Məclisin qəbul etdiyi qanun və qərarlarda konkret olaraq müvafiq icra hakimiyyəti orqanlarına göstəriş verilə bilməz.
Siz özünüz də fikir versəniz, görərsiniz, burada göstərilir ki, Milli Elmlər Akademiyasının rəyi alınmaqla müvafiq icra hakimiyyəti orqanı qərar qəbul edir. Yəni konkret halda biz Milli Elmlər Akademiyasını icra hakimiyyəti orqanı hesab etmirik. Bilirsiniz ki, cənab Prezidentin bununla bağlı sərəncamı da var, əsasnaməsi də təsdiq olunubdur. Sadəcə olaraq, son qərarı, əlbəttə, müvafiq icra hakimiyyəti orqanı verəcəkdir. Mən, eyni zamanda, onunla da razı deyiləm ki, Milli Elmlər Akademiyası ictimai təşkilat adlandırılsın. Bu, QHT deyil, adi ictimai təşkilat deyil, ciddi dövlət orqanıdır. Sadəcə olaraq, Milli Elmlər Akademiyası statusuna görə icra hakimiyyətinin strukturuna daxil deyil, müstəqil bir orqandır. Ona görə də onun buraya yazılması bizim Konstitusiyanın 93-cü maddəsinə zidd deyil. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hazırda müzakirə etdiyimiz əlavə və dəyişikliklər çox əhəmiyyətli əlavə və dəyişikliklərdir. Xüsusilə də 20 ildən daha artıq müddətdə müharibə şəraitində yaşadığımız nəzərə alınarsa, bu vəziyyətlə əlaqədar qanuna edilən əlavələr çox təqdiredicidir. Bəli, 20 ildən daha artıq bir müddət ərzində Ermənistan hərbi birləşmələri, sadəcə, torpaqlarımızın 20 faizini işğal etməklə, 1 milyondan daha çox soydaşımızı insanlığa sığmayan məhrumiyyətlərə məruz qoymaqla kifayətlənməyib, eyni zamanda, bu torpaqların üzərində olan tarix və mədəniyyət abidələrimizi təhqir ediblər. Torpaqlarımız, insanlarımız qədər əhəmiyyətli olan müqəddəs abidələrimiz düşmən tapdağı altındadır və ya tamamilə yağmalanıb.
Məndən bir az əvvəl çıxış edən çox hörmətli professor İsmayıl müəllim bu məsələyə qısaca olaraq toxundu. Amma mən düşünürəm ki, bu çox əhəmiyyətli bir məsələdir. Ona görə də bu günə qədər erməni işğalçıları tərəfindən zəbt edilən, yağmalanan tarixi abidələrimiz haqqında qısaca bir məlumat vermək istəyirəm.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarından hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri, Xurşudbanu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, Mirmöhsün Nəvvabın evi, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlıq xüsusiyyətlərini əks etdirən milli üslubda inşa olunmuş əksər yaşayış evləri, qədim qəbiristanlıq, Vaqifin türbəsi, Pənah xanın imarəti, Laçın rayonunda Həmzə Sultan, Sultan Əhməd sarayları, məscidlər, ziyarətgahlar, ibadətgahlar, daş heykəllər, qədim qəbirlər, yaşayış binaları dağıdılıb. Daşınması mümkün olan maddi mədəniyyət abidələri isə Ermənistana aparılıbdır.
Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilib. Kəlbəcər Tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın Tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyaları Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə dəyib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağılıb, viran edilib. Bu təcavüzkar qarətlər nəticəsində muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı çox qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalçaçılıq məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər materiallar da yox olub. Çox təəssüf ki, xalqın məhv edilmiş qədim, əvəzolunmaz, qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktik baxımdan mümkün deyildir.
İşğal edilən ərazilərdə erməni özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqındakı 1954-cü il Haaqa Konvensiyasına, Arxeoloji irsin mühafizəsi haqqında 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında YUNESKO-nun 1972-ci il konvensiyalarına ziddir. Düşünürəm ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir.
Bütün bunları mən nəyə görə qeyd edirəm? Bütün bunları diqqətinizə çatdırmaqda əsas məqsədim budur ki, artıq talanmış, oğurlanmış tarix və mədəniyyət abidələrimizin aşkar edilib, geri qaytarılması üçün xüsusi bir qurum yaradılmalı, onun fəaliyyət istiqamətləri müəyyən edilməlidir. Əlbəttə, belə bir qurum Milli Təhlükəsizlik, Xarici İşlər, Müdafiə və Mədəniyyət və Turizm nazirliklərinin birgə fəaliyyətlərini əlaqələndirən xüsusi bir qurum şəklində təşkil edilməlidir. Mən təklif edirəm ki, bununla əlaqədar xüsusi bir qanun hazırlamaqla bərabər, hazırda müzakirə etdiyimiz qanuna toxunduğumuz məsələlərlə bağlı müvafiq bir müddəa əlavə edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Əlbəttə, mən bu qanunun bir sıra müddəalarına edilən dəyişiklikləri, yəni texniki xarakterli dəyişiklikləri, deyək ki, “Elmlər Akademiyası”nın “Milli Elmlər Akademiyası” kimi göstərilməsi ilə bağlı dəyişiklikləri mümkün və faydalı hesab edirəm. Amma məndən əvvəl çıxış edən hörmətli Fazil Mustafadan fərqli olaraq, hesab edirəm ki, Milli Elmlər Akademiyası ilə bağlı olan müddəalar yalnız texniki xarakterli dəyişikliklər deyildir. Biz bu məsələdə açıq-aydın Milli Elmlər Akademiyasının hüquqlarının və səlahiyyətinin azaldılmasını müşahidə edirik. Belə ki, bir sıra məsələlərdə müəyyən tikinti işlərinin görülməsi, abidələr aşkar edildikdən sonra müəyyən tikinti fəaliyyətinin davam etdirilməsi əvvəllər birbaşa Milli Elmlər Akademiyasına tapşırılırdısa, indi bu işlər Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla icra hakimiyyətinin razılığı əsasında dayandırıla bilər və yaxud davam etdirilə bilər.
Bir daha təkrar edirəm, belə bir həssas məsələdə biz Milli Elmlər Akademiyasının, alimlərin, bu sahədə səriştəsi olan, həmin tarixi abidələrə öz övladı kimi baxan mütəxəssislərin bu sahədən bir növ inzibati yolla uzaqlaşdırılmasının şahidi ola bilərik. Mən çox istərdim ki, hörmətli Nizami müəllim Milli Elmlər Akademiyasına verilən səlahiyyətlərin azaldılmasının konsepsiyasını izah etsin və bu suala cavab versin: Nə üçün məsələ bu şəkildə qoyulmuşdur?
Hörmətli deputatlar, 1990-cı ildə keçirilən seçkilərdə 16 təşkilat tərəfindən mənim deputatlığa namizədliyim irəli sürülmüşdü. O vaxt bizim təbliğatda istifadə etdiyimiz əsas məlumatlar tarixi abidələrin qorunması ilə bağlı idi. Sənədlər indi də qalır. Bilirsiniz ki, 1969-cu ildən “İçərişəhər” dünya əhəmiyyətli bir qoruq elan olunmuşdur. Lakin bir neçə erməni əsilli vətəndaş rəy vermişdi ki, burada yalnız “Şirvanşahlar” sarayı və “Qız qalası” saxlanılmalıdır. Qalan abidələr isə heç bir əhəmiyyətə malik olmadığına görə abadlaşdırma adı ilə sökülməli və məhv edilməlidirlər. Bir daha təkrar edirəm, həmin sənədlər rəsmi sənədlər idi. Bunlar indi də saxlanmaqdadır. Odur ki, biz qanunvericilik məsələlərinə dəyişiklik edərkən bu məsələlərə ciddi yanaşmalıyıq.
Mən nəyə görə bu məsələyə diqqəti cəlb elədim? Çox istərdim ki, əgər Nizami müəllim bunun müəllifidirsə və burada iştirak edirsə, – çünki bu qanun layihəsi Prezidentin imzası ilə gəlib və burada müvafiq icra orqanlarının nümayəndələri iştirak edirlər, – 5-ci maddəyə edilən dəyişikliyə diqqət yetirilsin. Abidələrlə bağlı ciddi terminoloji məsələdir. Bir qayda olaraq, bütün dünyada abidələrin bərpası önə çəkilir. Bərpa məsələsi, sadəcə, bir söz deyil, konkret olaraq müəyyən işlərin müəyyən üslubda, qaydada, formada, müəyyən müddətlərdə aparılmasını nəzərdə tutan, ehtiva edən bir anlayışdır. Amma bizim mövcud variantda abidələrin bərpası Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyətinin orqanı tərəfindən aparılır. Layihədə “bərpa” sözü abidələrin “üzərində aparılacaq işlərin” sözləri ilə əvəz olunur. Nəyə görə əvəz olunub? Nəyə görə bərpa məsələsi abidələrin üzərində işlərin aparılması kimi təqdim olunur? Açığını deyək ki, bir sıra hallarda həmin abidələrin dağıdılmasına imkan verə biləcək sui-istifadə hallarına şərait yaradacaq anlayışla əvəz olunur. Çox istərdim ki, qanunvericilik layihəsini təqdim eləyənlər bu məsələyə də aydınlıq gətirsinlər.
Bayaq İçərişəhərlə bağlı məsələyə təsadüfən toxunmadım. Çox təəssüf ki, burada dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələrin müəyyən edilməsinin meyarları qanunvericilik qaydasında müəyyənləşdirilməyib. Bu, Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Mən sizə deyim ki, səhv eləmirəmsə, ilk dəfə 1960-cı illərdə ümumi siyahı olmuşdur. 1988-ci ildə isə ilk tarixi abidələrin siyahısı təsdiq edilmişdir. Lakin ondan sonra yüzlərlə ölkə əhəmiyyətli abidə yerli əhəmiyyətli abidə statusuna çevrilmişdir. Təbii ki, bunların qorunması və mühafizə statusu da fərqlidir.
Səhv etmirəmsə, 19-cu maddəyə edilən əlavə və dəyişikliklərdə yerli əhəmiyyətli abidələrin icarəyə verilməsi məsələsi xırda istisnalarla həll edilmiş olur. Bir daha təkrar edirəm, yerli əhəmiyyətli abidələrin icarəyə verilməsi üçün yaradılan “əlverişli şərait” nə deməkdir? Bunun səbəbi nədir? Ölkədə hazırda belə bir dəyişikliyi diqtə edən, zəruri edən hansı amildir? Kim, hansı alim, hansı icra hakimiyyəti orqanının işçisi və ya mütəxəssis bu məsələnin tərkibinin genişləndirilməsi barədə rəy vermişdir? Mən nəyə görə dediyim məsələlərə diqqəti cəlb edirəm? Bilirsiniz ki, bu məsələ dəfələrlə burada səslənib.
İçərişəhər qoruq ərazisinə daxil olan Neftçilər prospektindəki 77-75-ci binalar söküldü. İndi yerində yaxşı ot əkilib, qazon salınıb. Bu vəziyyətdə qalsa, yaxşıdır. Hörmətli Milli Məclisin deputatlarının nəzərinə çatdırmaq istəyirəm ki, əgər orada qazıntı işləri aparılarsa, həmin binanın yerində hansısa çala qazılarsa, Qız qalasının özünün qorunub saxlanması üçün çox ciddi təhlükə yarana bilər. Bunu bizim rəhbərlik də bilir, mütəxəssislər də rəy verir. Bilirsiniz ki, Qız qalası qaya üzərindədir. Amma bir daha təkrar edirəm, müasir texnikadan istifadə olunmaqla orada hündürmərtəbəli binanın özülü qazılarsa, Qız qalasının özü üçün təhlükə yarana bilər.
Hörmətli sədarət, nəyə görə bu məsələdən narahatıq? Qız qalasının ətrafında son günlərdə möhkəmləndirmə işləri aparmağa başlanılıb. Bəzi ekspertlər bildirirlər ki, Qız qalasının ətrafında möhkəmləndirilmə işlərinin aparılması məhz nəzərdə tutulan tikintiyə hazırlıqla bağlı ola bilər. Mən bir daha təkrar edirəm, Qız qalası Azərbaycanın simvoludur, dünya əhəmiyyətli abidədir. Onun ətrafında nəzərdə tutulan tikinti işlərinin aparılması yolverilməzdir.
İçərişəhərdə bərpa işlərinin aparılması üçün bir sıra başqa müddəalar da sadələşdirilir. İçərişəhərdə kanalizasiya işləri aparılır, bərpa işləri görülür. Heç kəs onun əleyhinə deyil, prinsipcə, bu, əvvəl-axır işə salınmalıdır. Amma mən özüm getdim. Əvvəla, çox eyibdir ki, köhnə boruları, işlənmiş boruları gətirirlər. Deyilənə görə cəmisi 3 milyon pul ayrılıb və yenidən kanalizasiya salırlar. Əgər qazılırsa, keyfiyyətli materiallardan istifadə olunsun. Şəhərin abadlığına 90 milyon pul ayrılıb. Həmin puldan kəsilsin, yüksək səviyyədə, mütəxəssislərin iştirakı ilə çox ehtiyatla bu məsələyə başlanılsın.
Azadlıq meydanında məlum mehmanxana tikilməyə başlanandan sonra bütün İçərişəhər boyu çatlar əmələ gəlib. Mən tarixçi olduğuma görə Bakının memarlıq tarixini bilirəm. Bakı özü təpələr üzərindədir. Dünyada bir neçə şəhər var ki, məsələn, Roma kimi, İstanbul kimi, təpələr üzərindədir. Təpələr üzərində yerləşən şəhərlərdən biri də Bakıdır. Şirvanşahlar onun ən üst təpəsidir. Ora kəhrizlərlə, yeraltı sularla doludur. Bütün sular ora yönəlib. Bu ciddi məsələdir. Bunun qarşısını ala biləcəklərmi? Hər halda İçərişəhərdə, xüsusən Qız qalasının həndəvərində çalanın qazılması mümkün arzuolunmaz nəticələrə səbəb ola bilər. Ona görə bir daha təkrar edir və qanunvericilik məsələsinə qayıdıram ki, bu məsələyə hörmətli Nizami müəllim cavab versin və qanunvericilik layihəsinin bəzi maddələri üzərində işə başlansın. Məndə olan məlumata görə buradakı bir neçə maddənin çıxarılması üçün QHT-lər Prezidentə müraciət hazırlayıblar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov. Amma Mübariz müəllim düz deyir, adlar əvvələ keçirilsə, daha yaxşı olar. Məsələn, mən Cavadov Ərəstun deyəndə özümü bir az yaxşı hiss eləmirəm.
Ə. Cavadov. Çox sağ olun, Ziyafət müəllim. Düzdür, mən çıxışa hazırlaşmamışdım, amma bu mövzuya aid olan çıxışlarda məni narahat eləyən bir amil var və ona aydınlıq gətirmək istəyirəm. Sualım hörmətli Nizami müəllimədir. Mən bilmirəm, tarixi abidələr, mədəni abidələr hansı meyarlara görə təsbit olunur? Misal üçün, mən Mərkəzi univermaq haqqında danışmaq istərdim. Mərkəzi univermaq 1961-ci ildə tikilib. Həmin binanın oxşarları Azərbaycanın bir neçə rayonunda, Gəncədə, Sumqayıtda var.
Mərkəzi univermaq özəlləşib, 1998-ci ildə səhmdar cəmiyyət yaranıb. O vaxt bu məsələ ortalığa çıxmadı. Amma 2002–2003-cü illərdə müəyyən təmir işləri başlayanda bu məsələ ortaya atıldı. Bilirsiniz ki, Mərkəzi univermaq şəhərin mərkəzində yerləşir. Onun ətrafında gözəl abadlıq işləri gedir. Bu kampaniyaya Mərkəzi univermağın kollektivi də qoşulanda birdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir qrup peyda oldu ki, bəs Mərkəzi univermaq 1994-cü ildən tarixi mədəniyyət abidələrinə aiddir. Bunu nə vaxtdan tarixi mədəniyyət abidəsi sayıblar? Səhmdar cəmiyyət yarananda bu məsələ meydana çıxmayıb. Belə çıxır ki, bu binanın xaricində bir balaca iş görəndə gərək Mədəniyyət və Turizm Nazirliyinə, yaxud icra hakimiyyətinə müraciət olunsun. Ona görə də bu gün buranın bir tərəfi təmir edilib, o bir tərəfi isə bərbad halda qalır. Zənnimcə, Mərkəzi univermağın mədəniyyət və tarixi abidələri siyahısına düşməsi düz deyil. Nizami müəllimə müraciət edirəm və xahiş edirəm ki, bu siyahıya yenidən baxılsa, univermağın həmin siyahıdan çıxarılmasına kömək göstərsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Güman edirəm ki, Nizami müəllim köməyini əsirgəməz. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, Ziyafət müəllim. Əslində, hörmətli akademikimiz İsmayıl müəllimin və Sizin çox ətraflı, elmi və hüquqi əsaslandırmanızdan sonra mən çıxışımı geri götürmək istəyirdim. Sadəcə, təəssüfümü bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Milli Məclisində tarixi abidələrin, mədəniyyət abidələrinin taleyi həll olunanda elmi məsləhətləşməyə üstünlük verilməyən çıxışlar da oldu. Mən buna təəssüf edirəm. Çünki bizim ölkəmizin hər qarışı, demək olar ki, maddi-mədəniyyət abidələri ilə zəngindir. Belə olan halda Azərbaycanın bütün ərazisi qorunmalıdır və elmi söz deyilməlidir.
Mən çox təəssüf edirəm ki, biz indiyə kimi bu məqamları qiymətləndirə bilməmişik. Vaxtilə Mingəçevirin yerində – Azərbaycanın qədim tarixi abidələrinin toplu halda saxlandığı yerdə su-elektrik stansiyası tikdilər. Kimlərin elədiyi bəllidir. Xudafərin körpüsünü də suyun altında qoymaq istəyirdilər. Heydər Əliyev bundan ötrü nə qədər əziyyət çəkdi. Bizə tarixçi olaraq bəllidir ki, Azərbaycanda özəlləşdirmə zamanı bir çox tarixi abidələr torpaq sahəsi kimi paylandı, əkin yerlərinə çevrildi. Bizim insanlarımızda belə bir meyl var ki, zəngin tarixi abidə aşkar olunursa, torpaq sahəsinin əldən çıxmaması üçün tez onun üstünü ört-basdır eləmək lazımdır və abidə yeri ata mülkü kimi ona verilməlidir. Hesab edirəm ki, belə olan halda belə bunun müzakirəyə ehtiyacı yoxdur. Çox sağ olsunlar ki, nəhayət, bu qanunda elmə dəyər verildi və məsələyə ciddi yanaşıldı.
Hörmətli Ziyafət müəllim, Siz yaxşı bilirsiniz ki, bir çox ölkələrdə, o cümlədən postsovet məkanında elm və texnika nazirlikləri var və belə olan halda həmin nazirliklər məsələyə birbaşa müdaxilə eləyə bilirlər. Azərbaycanda isə bütün sahələrdə ali icra strukturları var, amma elm sahəsində yoxdur. İndi Milli Elmlər Akademiyasının Tarix İnstitutunu, Arxeologiya və Etnoqrafiya İnstitutunu və başqa institutları elmi rəy vermək hüququndan da məhrum etmək istəyirik. Mən Milli Məclisdə belə bir firkin səslənməsinə təəssüf edirəm.
Mən belə fikirləşirəm ki, biz beynəlxalq konvensiyalarla səsləşən qanun formalaşdırırıq. Torpaqlarımız da azad olunanda orada dağıdılan abidələrlə, viran edilmiş abidələrlə əlaqədar məsələ qaldıracağıq. Ona görə bu gün qaldırılan məsələ qanunvericilik baxımından hazırlıqdır və bu cür düzəlişləri alqışlayıram. Siz bilirsiniz ki, bütün sahələrdə Avropa standartları deyib-dururuq. Avropada şəhərlərin qədim hissəsində 10 santimetrdən uca bina tikməyə qoymurlar. Yüz dəfə elmi müəssisələrin rəyini alırlar və bu işə əngəl törədirlər ki, tarix qorunsun. Biz isə bəzi yerlərdə elmin rolunu ortaya qoyanda onun da əleyhinə çıxırıq. Mən buna çox təəssüf edirəm. Bu, yerində təklif olunan düzəlişdir və qanunda belə düzəlişləri daha da artırmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, sağ olun. Düzdür, Nizami müəllimi bütün fikirlərin obyekti kimi seçsək də, əslində, mən tam əminəm ki, bu məsələ onunla bağlı deyil. Ona görə də istəməzdim ki, dediklərim Nizami müəllimə ünvanlansın. Sadəcə olaraq, mən bilirəm ki, bu qanunun işlənməsində kifayət qədər insan iştirak edib. İstərdim ki, bir-iki məsələ ilə bağlı onlar arayışları versinlər.
Məsələn, 13-cü maddədə yazırıq: “Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni-tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır”. Burada “qadağan” sözünü yazırıq, bu çox yaxşıdır. Maddə 11-də isə yazırıq: “Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”. Sizə elə gəlmirmi ki, iki maddə arasında ziddiyyət yaranır. Eyni zamanda, “mühafizə müqaviləsi” sözünü yazarkən burada bir boşluq yaranır.
Heç kəs üçün sirr deyil ki, bu gün sıravi azərbaycanlıların tarixi-mədəni abidələrimizə münasibəti heç də ürəkaçan deyil. Təəssüflə bunu demək lazımdır. Bu gün kifayət qədər insan bir vaxt özəlləşdirdiyi tarixi binalarda çoxlu dəyişikliklər ediblər. Həmin tarixi binaların həm daxili, həm də xarici görünüşü ilə bağlı o qədər işlər görülüb ki, açığı, həmin tarixi binaların, məncə, adı qalıb. Demək olar ki, onların tarixi interyerini və eksteryerini yox eləyiblər, XIX əsrə məxsus evlərin içərisində olan bəzəkləri söküblər. Onların yerinə guya ki, müasir, heç kimə lazım olmayan dəyişikliklər ediblər. Bu baxımdan mənə elə gəlir ki, bu boşluğu yaratmamalıyıq. “Mühafizə müqaviləsi” deyəndə, mən hesab edirəm ki, biz bunu yaradırıq.
Bundan başqa, 14-cü maddədə maraqlı məqam var. Mənə elə gəlir ki, bu da kifayət qədər ciddi məsələdir. Burada yazılır: “Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən… abidələrin ilkin axtarış işləri üşün vəsait ayrılmalıdır”. Bilirsiniz, bu gün Bakı şəhərində keçmiş Sovetski küçəsindən Füzuli meydanına qədər olan evlərin arasında elə məhəllələr var ki, orada kifayət qədər tarixi abidə hesab oluna bilən kiçik tikintilər var. Eyni zamanda, Şamaxının və Xızının özündə ucqar kəndlərdə bir hektara çatmayan, tamamilə sökülmüş, amma bir zaman qala olmuş yerlər var. Onlar bir hektar ərazidən qat-qat azdırlar. Bir hektar ərazini biz nəyə görə yazırıq? Əgər köhnə tarixi abidə varsa, o bir hektardan az da ola bilər. Bunu nəyə görə yazırıq, kimin üçün şərait yaradırıq? Açığı, bunu deyə bilmərəm.
19-cu maddədə yazırıq: “Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri”. Daha sonra: “onlardan istifadə qaydası, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra”. Biz nəyi razılaşdırırıq? Nə demək istəyirik? Bunu müasir tikintilərə uyğunlaşdırırıq, yoxsa hansısa standartlara? Açığı, bir daha qeyd etmək istəyirəm ki, işbazlar tərəfindən, tarixi, mədəniyyəti düzgün qiymətləndirə bilməyən, yalnız pul hərisi olan insanlar tərəfindən tarixi abidələrimizə ediləcək hücumun qarşısını alırıq.
Eyni zamanda, bir fikri də demək istəyirəm. Bu, mübahisə də doğura bilər. Mənə elə gəlir ki, bu haqda düşünmək olar. Biz 32-ci maddədə yazırıq: “İşğalçılar tərəfindən dağıdılmış dünya, ölkə və yerli əhəmiyyətli abidələr haqqında müvafiq beynəlxalq təşkilatlara məlumat verilir”. Çox gözəl. Amma 14-cü maddədə yazırıq ki, yerli əhəmiyyətli abidələrlə necə hərəkət edəcəyimizi özümüz bilərik. Belə çıxır ki, ermənilər dağıdanda pisdir, amma özümüz dağıdanda olar. Mənə belə gəlir ki, 32-ci və 14-cü maddələr qanunda ikiüzlülük əhval-ruhiyyəsi yaradır. Ona görə də istərdim ki, işğal altında olan abidələrimizlə bağlı beynəlxalq təşkilatlara müraciət etdiyimiz kimi, işğal zonasında olmayan abidələrimizə, o cümlədən Bakı şəhərində və digər ərazilərimizdə olan yerlərə, İçərişəhərə, həmçinin Sovetski küçəsindən tutmuş Füzuli meydanına qədər olan yerlərə də bu cür münasibət bəsləyək. Hər halda biz qa-nunda kifayət qədər yer qoymuşuq. Təşəkkür edirəm.
Sədrlik edən. Nizami müəllim, buyurun.
N. Cəfərov. Əlbəttə, bu dəyişikliklər bir az məqsədəuyğun olmayan şəkildə şərh olunmağa başlayır. Əslinə qalsa, hərənin daxması özünə bir abidədir. Amma bir də beynəlxalq standartlar var, yalnız dünya əhəmiyyətli abidələri yox, hətta yerli əhəmiyyətli abidələri də standartlarla qəbul edirlər. Hər şeyə abidə demək olar. Hara daş qoymusansa, o bir abidədir. Amma bir məsələ də var. Gərək biz dünyada olduğu kimi, tarixi abidələrimizi istifadəyə, yaxud icarəyə verməyək. Onda həmin abidələri necə saxlayacağıq? Onu sax-lamaq mümkün deyil.
İkinci, deyək ki, orta əsrlər olmasın, sonrakı dövrlər, məsələn XIX əsrin filan abidələri olsun. Onları biz yalnız kitabxanalara, muzeylərə, bu tipli müəssisələrə verməklə də saxlaya bilmirik. Dünyada belədir ki, bu abidələr pul gətirməlidir. Dünyanın hər yerində abidə pul gətirmirsə, o mövcud ola bilmir, get-gedə dağılır.
Ərəstun müəllim düz deyir. Vaxtilə bizim rayonda da bir abidə var idi. Təxminən 30-cu illərin, sovet dövrünün nisbətən xoşagələn bir tikilisi idi, klub idi. Müstəqillik dövründə çox adamlar onu almaq istədi. Heç kimə də lazım deyildi. İstədilər ki, onu icarəyə götürsünlər, yaxud özəlləşdirsinlər. O buna dedi ki, yox, bu, tarixi abidədir, bu ona dedi ki, tarixi abidədir. Axırda həmin bina durduğu yerdə uçdu və yerində indi heç nə qalmayıb.
Mərkəzi univermaq da təmir olunmalıdır. Yunanlar Aya So-fiya məscidi ilə həmişə fəxr edirlər ki, bu, yunan abidəsidir. Amma türklər də fəxr edirlər ki, biz bu abidəni 500 ildir qoru-yub saxlayırıq. Yəni, sadəcə, durub ona baxmaqla qorunmur ki, onu tez-tez bərpa edirlər. Xristian abidəsinin üzərində bu gün xristian şəkilləri ilə yanaşı ərəb əlifbası ilə Quran ayələri də yazılır. Bu, abidənin yaşadığı tarixin xarakteridir.
İndi Pənah bəy deyir, amma “işlənmə” sözü mütləq olmalıdır. Sadəcə, bərpadan söhbət getmir. Bu və ya digər tarixi abidəni yaşatmaq üçün bu və ya başqa məqsəd üçün uyğunlaşdırırlar. Deyilənlərdən bir məsələ ilə razılaşıram ki, millət öz abidəsini nə dərəcə saxlaya biləcəksə, o dərəcə də saxlay-acaq. İstər biz qanunlar yazaq, məcbur edək, Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu həftədə bir dəfə rəy versin, yaxud gündə mətbuat desin, yenə də olmayacaq.
Bizim dövlətin siyasətində tarix və mədəniyyət abidələrinin mühafizəsi üçün imkanlar genişlənib. Xeyli maddi vəsait buraxılır. Amma onu da etiraf edək ki, abidələrin bərpası məsələsi meydana çıxanda dərhal işimiz bu olur ki, qoymayın, bu abidəni dağıtdılar. Bu abidə bərpa olunmalıdır, istiqamətləndirilməlidir və onun texnologiyası olmalıdır. Təəssüf ki, biz hələ tarix və mədəniyyət abidələrimizin, xüsusilə dünya əhəmiyyətli abidələrimizin bərpası və xüsusi məqsədlərə uyğunlaşdırılması üçün çox zaman mütəxəssisləri xaricdən gətirməli oluruq.
Milli Elmlər Akademiyasının icazə verməsinə gəlincə, Ya-qub müəllim bizim elmimizi nə qədər tərifləsə də, orada da problemlərimiz var, mütəxəssislər azdır. Dərhal Milli Elmlər Akademiyasına hər cür səlahiyyət verib, onu icra orqanı səviyyəsinə də qaldıra bilmərik. Burada elmi məsləhət dedikdə ancaq rəy verməkdən söhbət gedə bilər. Elmi məsləhət olan yerdə icazə verib-verməmək anlayışı yoxdur. Ona görə də düşünürəm ki, dəyişikliklər bundan da səviyyəli ola bilərdi. Gülər xanımın da, Pənah bəyin dediklərində də həqiqət var. Amma hər halda bundan səviyyəli dəyişikliklər təqdim etmək hələlik mümkün deyil. Bu şəkildə qəbul etmək mümkündür.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Əgər başqa fikir yoxdursa... Gülər xanım, Siz fikrinizi dediniz də. Çox uzanır. Buyurun.
G. Əhmədova. Mən çox xahiş edirəm, “bir hektar” sözünü buradan çıxaraq. Birbloklu binanı tikmək üçün cəmi 12 sot yer lazımdır. Bir hektarı nə üçün bura qoymuşuq?
Sədrlik edən. Nizami müəllim qanunvericilik təşəbbüsünün subyekti ilə həmin məsələni razılaşdırar. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 93
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Mən layihəni çox qısa təqdim edəcəyəm və güman edirəm ki, müzakirələr də qısa olacaqdır. Keçən ilin iyul ayında “Ərazi vahidləri və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin adından “inzibati ərazi dairələri” sözləri çıxarılmışdı. Müzakirəyə təqdim olunan qanun layihəsi bununla əlaqədardır. Bu qanunla bir sıra qanunvericilik aktlarına düzəlişlər edilir. Bu sıraya “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, habelə Şəki şəhərinin, Ağdam, Qobustan, Füzuli, Samux, Yardımlı və İsmayıllı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanunlar daxildir. Düzəliş texniki xarakter daşıyır. Qanunun adından “inzibati ərazi dairələri” sözləri çıxarıldığı üçün həmin qanunların mətnindən də həmin sözlər çıxarılır.
Etiraz etməsəydiniz, mən ikinci məsələni də qısaca təqdim edərdim. İkinci məsələ Xaçmaz rayonunun mövcud yaşayış məntəqəsinə kənd statusunun verilməsini və onun qeydiyyata götürülməsini nəzərdə tutur. Rayonun Yelgüc inzibati ərazi dairəsində xeyli vaxtdır ki, yaşayış məntəqəsi kimi yeni bir kənd formalaşıbdır. Yerli əhali məsələ qaldırıb ki, həmin məntəqəyə Üryanoba adı verilsin və məntəqə qeydə alınsın. Məsələ “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun normalarına uyğun şəkildə hazırlanıb və komitə Milli Məclisə onun baxılmasını tövsiyə edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, buyurun.
F. Mustafa. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən məsələyə müsbət mövqedən yanaşıram və bunu dəstəkləyəcəyəm. Amma bir ideya olaraq Arif müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, bəlkə Milli Məclisdə biz buna müsbət yanaşa bilərik. Amma Dağlıq Qarabağın ərazisi işğal altındadır. Bildiyiniz kimi, orada xeyli Azərbaycan kəndləri var ki, onların adları ya dəyişdirilib, ya da köhnə qaydada bizi qane etməyən adlardır. Bəlkə biz işğal altında olmasına baxmayaraq, orada olan kəndlərin adlarının dəyişdirilməsi və azərbaycanlaşdırılması istiqamətində addımlar ataq. Ola bilsin ki, işğal altındadır, bunun nə səmərəsi olacaq? Amma təbliğat nöqteyi-nəzərindən, ermənilərə psixoloji təsir göstərmək baxımından hər halda belə bir addımın atılması məqsədəuyğun olardı. Məsələn, Xocavəndin kəndlərinin, Ağdərənin kəndlərinin adlarını dəyişdirmək, bir-bir tədqiq edib müasirləşdirmək və onları Azərbaycan adları ilə əvəz etmək olar.
Ziyafət müəllim, diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin əvvəlki məsələ ilə bağlı şərhiniz məni qane etmədi. Söhbət aydın və açıq şəkildə Milli Elmlər Akademiyasının iştirak etməsindən getmir. Məsələn, niyə yazmayaq ki, Bakı Dövlət Universitetinin tarix fakültəsinin rəyi alınmaqla. Bəlkə tarix fakültəsinin nüfuzu, imkanları onlardan daha güclü olacaq.
Sədrlik edən. Fazil müəllim, üzr istəyirəm, Azərbaycan Milli Elmlər Akademiyası mərkəzləşdirilmiş elm ocağı olduğuna görə belə yazılır. Başqa birisi də deyə bilər ki, nəyə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi yazılmasın. Söhbət elmi mərkəz olaraq Milli Elmlər Akademiyasından gedir.
Fazil müəllim, çox sağ olun. Sizin birinci dediyiniz ideyaya münasibət bildirmək istəyirəm. Bu işin iki tərəfi, iki başı var. Siz deyirsiniz ki, işğal olunmuş ərazilərdə adları dəyişdirək. Sabah bu prosesə başlansa, Avropa Şurasında başlayacaqlar ki, hələ torpaqlar qayıtmayıb, artıq ermənilərin kəndlərinin adlarını dəyişdirirlər. Ermənilər də deyəcək, gördünüz? Ona görə əvvəl, inşallah, torpaqlarımızı azad edək, sonrakı məsələlərə baxarıq. Buyurun, xahiş edirəm. Cəmil Həsənli.
C. Həsənli. Ziyafət müəllim, mən bir cümlə olaraq bu məsələyə aydınlıq gətirmək istəyirəm. Fakültələri Milli Elmlər Akademiyası ilə müqayisə etmək olmaz. Əvvəla, Milli Elmlər Akademiyasında abidələrlə məşğul olan müvafiq institut var. Baza institutları Milli Elmlər Akademiyasında yerləşir. Ona görə onları universitetlərin, yaxud digər ali təhsil müəssisələrinin fakültələri ilə müqayisə etmək olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səsə qoymazdan əvvəl mən Arif müəllimdən bir məsələni öyrənmək istəyirəm. Arif müəllim, birinci məsələdə biz “inzibati ərazi dairələri” sözlərini çıxarırıq? Düz başa düşdüm? Amma ikinci məsələdə yazırıq: “Xaçmaz rayonu Yelgüc kənd inzibati ərazi dairəsi tərkibində”. “Ərazi dairəsi” yenə qaldı. Əgər çıxarırıqsa, gərək bunu “vahid” edək.
A. Rəhimzadə. Sağ olun. “İnzibati ərazi dairələri” məfhumu, ümumiyyətlə, leksikondan çıxmır. Qanunun adından həmin söz çıxdığı üçün harada ki qanunun adı çəkilir, oradan həmin sözü çıxarırıq. Ancaq “inzibati ərazi quruluşu” məfhumu var və bundan sonra da qalacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, 10-cu məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında idi. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, Mülki-Prosessual Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı bu layihədə beş qanuna əlavə və dəyişikliklər edilir. Bu dəyişikliklər dəqiqləşdirmə xarakterlidir. Bir neçə maraqlı məqamlar var ki, mən bunlara diqqəti cəlb etmək istəyirəm. Bu, Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklikdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində “məhkəmənin” sözündən sonra “qanuni qüvvəyə minmiş” sözləri əlavə edilir. Burada mahiyyət nədən ibarətdir? Əvvəlki illərdə məhkəmə instansiyalarında insanların əmək münaqişəsinə baxılırdısa, bunu ilk instansiyada bir cür həll edirdilər, ikinci instansiyada başqa cür baxılırdı. Bu da möhkəm narazılığa səbəb olurdu. Bu dəyişiklik imkan verəcək ki, bütün instansiyalarda məsələ qanuni qüvvəyə minəndən sonra öz həllini tapsın. Bu çox əhəmiyyətli dəyişiklikdir.
Digər məsələ “Gömrük orqanlarında xidmət haqqında” Qanuna dəyişikliklə bağlıdır. Burada “məhkəmənin qanuni qüvvəyə minmiş” sözləri yazılır. Mülki-Prosessual Məcəllədə yenə də düzəlişlərin xarakterində uyğunlaşdırma var. Mülki Məcəllədə “məhkəmə bildirişi” sözləri əlavə olunub. Məhkəmə qərarlarının icrası məsələsində “başqa tələblər” sözləri “tələblər” sözü ilə, “səhv” sözü isə “yanlış” sözü ilə əvəz olunub. Bütün dəyişikliklər dəqiqləşdirmə, konkretləşdirmə xarakteri daşıyır.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Jalə xanım, buyurun.
J. Əliyeva. Sağ olun. Mən qısa danışacağam. Müzakirə etdiyimiz Mülki Məcəllə ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Mülki Məcəllənin 157-ci maddəsində “vicdansız sahib” və “vicdanlı sahib” ifadələri işlədilir. Söhbət 2001-ci il sentyabrın 1-dən qüvvədə olan məcəllədən gedir. Mən diqqətinizi ona çəkmək istəyirəm ki, “vicdan” məfhumu özündə çox böyük dəyərləri ehtiva edir. Eyni zamanda, böyük insani meyarlardan, keyfiyyətlərdən xəbər verən bir məfhumdur. Qanunun dilinə, qanun yaradıcılığının dilinə yad bir məfhumdur. Bunun əvəzinə “bilərəkdən”, yaxud “bilməyərəkdən” ifadəsi daha yerinə düşərdi.
Digər məsələ “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 37-ci maddəsinə edilən düzəlişdir. Burada “səhv” kəlməsi “yanlış” kəlməsi ilə əvəz olunur. “Səhv” kəlməsi bu günə qədər Azərbaycan dilinin leksikonunda, lüğət tərkibində mövcuddur. Onda belə çıxır ki, “səhv” kəlməsini “yanlış” kəlməsi ilə dəyişirik. “Səhv” kəlməsi bir ifadə olaraq Azərbaycan dilinin lüğət tərkibindən çıxarılıbmı ki, biz onu “yanlış” sözü ilə əvəz edirik? Bu, əslində, sırf stilistik, yaxud sırf mexaniki xarakter daşıyan bir dəyişiklikdir, amma bunu etməmək də olardı. Çünki bu günə qədər dilimizdə “səhv” kəlməsi də işlədilir. Sağ olun.
Sədrlik edən. Jalə xanım, “vicdanlı sahiblik” və “vicdansız sahiblik” ifadələri Mülki Məcəllədə var. 1961-ci ildə qəbul olunmuş Məcəllədə də, sonrakı Mülki məcəllələrdə də var. Hüquqşünaslar hamısı bunu bilirlər. Mən böyük məmnuniyyətlə Sizə izah edərdim ki, “vicdanlı əldə etmə” nədir, “vicdansız əldə etmə” nədir. Amma buna vaxt yoxdur. Mülki Məcəlləni siz dərindən oxusanız, hamısının anlayışı verilibdir. “Vicdanlı əldə etmək” nə deməkdir, “vicdansız mülkiyyətə sahib olmaq” nə deməkdir. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. İcazənizlə, bu məsələ haqqında əvvəlcə mən məlumat verim. Sonra digər həmkarlarım da məlumat verəcəklər.
Bilirsiniz ki, biz 2009-cu il fevral ayında Əmək Məcəlləsinə dəyişikliklər etdik. Həmin dəyişikliklərdən birinin mahiyyəti ondan ibarət idi ki, həqiqi hərbi qulluğa çağırılmış şəxslər hərbi qulluqda olduğu müddət ərzində öz iş yerlərini saxlayırlar və qayıdandan sonra işlə təmin olunurlar.
Əmək Məcəlləsinə etdiyimiz həmin dəyişikliyin mahiyyətinə uyğun olaraq, bu gün biz sizinlə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavə və dəyişiklik edirik. Yəni “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinin 7-ci bəndinə belə bir əlavə edilir: “Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər”. Hesab edirəm ki, çox humanist müddəadır. Yəni bəzən elə hallar olur ki, vətəndaş hərbi xidmətə gedir, amma qayıdandan sonra onun işlə bağlı problemləri yaranır. İndi artıq həmin idarə, müəssisə və təşkilatların üzərinə bir hüquqi vəzifə qoyulur ki, həmin işçi həqiqi hərbi xidmətini başa vurduqdan sonra işlə təmin olunmalıdır. Əgər həmin iş yeri ixtisara düşübsə, buna bərabər statuslu işlə təmin olunmalıdır. Hesab edirəm ki, normal bir dəyişiklikdir.
Hadi müəllim, digər dəyişiklik sizin komitədə müzakirə olunub. Buyurun.
H. Rəcəbli. Hörmətli Ziyafət müəllim, dörd qanun layihəsinə baxmışıq. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun, “Həmkarlar ittifaqı haqqında” Qanun, Ailə Məcəlləsi, bir də “Gənclər siyasəti haqqında” Qanundur. İkinci rum rəqəmi ilə göstərilən layihədə maraqlı bir məqam var. İstirahət günləri və gecə vaxtı ilə yanaşı, iki məsələ bura əlavə olunub, bizim qanunvericilikdə dəyişiklik olub. Səsvermə günü və ümumxalq hüzn günü – 20 yanvar iş günü hesab olunmur. Bu iki günü iş günü olmayan günlərin siyahısına salırıq. Beləliklə, qanunda, əslində, dəqiqləşmə aparılır. Düzəlişlərin də hər biri, əsasən, dəqiqləşmə xarakteri daşıyır və ciddi konstruktiv dəyişiklik yoxdur.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Əli müəllim, Sizin komitədə də bu məsələ müzakirə olunub. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hadi müəllim geniş məlumat verdi. Əslində, bu layihədə göstərilən çoxlu sayda bəndlərin ancaq bir mənası var. Məlumdur ki, iş günü hesab edilməyən günlər çoxdur. Amma bizim qanunvericilikdə onların yeganə bir anlayışı var idi. Bayram və iş günü hesab edilməyən bayram günləri. Amma digər hallar, yəni səsvermə günü iş günü deyil, yaxud ümumxalq hüzn günü – 20 yanvar qanunvericilikdə əksini tapmamışdı. Amma iş günü hesab olunmurdu. Sadəcə, bu iki məsələ həmin maddədə öz əksini tapır və praktikada artıq tətbiq edilən, iş günü hesab olunmayan günlər qanunvericiliyə uyğunlaşdırılır. Bu sarıdan çoxlu sayda qanunlarda, o cümlədən “Polis haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və digər sahə qanunlarında hüquq mühafizə orqanlarının fəaliyyəti tənzimlənir və orada bu anlayış verilir ki, hansı iş günü əmək qanunvericiliyi ilə tənzimlənir, hansı günlər iş günü hesab olunmur. Həmin məsələlər burada öz əksini tapır. Yəni prinsip etibarilə 30–40 bənddən ibarət bir qanun layihəsidir və mahiyyəti bundan ibarətdir.
Sədrlik edən. Aydındır, təşəkkür edirəm. Sağ olun. Ziyad müəllim, Sizin komitədə də bu məsələ müzakirə edilib. Əlavəniz yoxdur? Çox təşəkkür edirəm. Əgər ciddi bir əlavə yoxdursa, xahiş edirəm, təkid etməyin. Aydın müəllim, təkid etmirsiniz? Siyavuş müəllim, təkid edirsiniz? Yaxşı, buyurun.
S. Novruzov. Hörmətli Ziyafət müəllim, çox yaxşı əlavə və düzəlişlərdir. Mən xahiş edirəm, orada özəl müəssisələr də xüsusi qeyd olunsun ki, təkcə dövlət müəssisələri nəzərdə tutulmasın.
Sədrlik edən. Bəli, Siyavuş müəllim, mən Sizə deyim ki, orada qeyd olundu-olunmadı, hüquqi, təşkilati formasından, statusundan asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlara şamil edilib. Tamamilə doğrudur. Siyavuş müəllim, narahatlıq üçün heç bir əsas görmürəm. Elman müəllim, buyurun.
E. Məmmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən cari məsələlərin də, iş planının da müzakirəsində çıxışa yazıldım, amma mənə növbə çatmadı. İndi müzakirə etdiyimiz məsələlərə gəlincə, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında məsələlər Hadi müəllimin komitəsində müzakirə olunubdur. Mən hörmətli millət vəkillərinin diqqətini bir məsələyə yönəltmək istəyirəm. Xocalı soyqırımı törədiləndə artıq Azərbaycanda milli münaqişə deyil, müharibə vəziyyəti idi. Yəni milli münaqişə 1988-ci ildən başlamışdır. Ancaq 1991-ci ilin payızından artıq Azərbaycanla Ermənistan arasında müharibə gedirdi və Xocalı soyqırımı da müharibə ərəfəsində törədilibdir. Bu gün Xocalı sakinlərinin xeyli hissəsi əlillərdir. Hörmətli Ziyafət müəllim, həmin əlillər bu gün necə adlanır? Milli münaqişə zəminində əlil olanlarmı? Bunun səbəbini necə izah edirlər? Siz hərbiçi olmamısınız, mülki vətəndaşlar olmusunuz. Ona görə sizə müharibə əlili statusu verə bilmərik. Mənə belə gəlir ki, bu, məntiqsiz bir izahdır. O zaman 3-4 yaşında, 8 yaşında, 10 yaşında uşaq olub, bu gün artıq böyük insandır. O, uşaq vaxtı əlil olub, ayaqlarını don vurub, ayaqları yoxdur, güllə dəyib, əlildir, müxtəlif vəziyyətlərdə əlil olub, qadınlar əlil olub, başqaları əlil olublar. Yəni bunlar hərbi əməliyyatların gedişində əlil olublar, müharibədə əlil olublar.
Biz belə fikirləşək, 1941–1945-ci illərdə, Böyük Vətən müharibəsində mülki əhali əlil olurdu, şikəst olurdu. Onlara nə yazılırdı? Yazılırdı ki, almanlarla ruslar arasında olan milli münaqişədə əlil olublar. Hamısı müharibə əlili gedirdi. Bu gün təkcə xocalılar deyil, işğal edilmiş rayonlardan olan əlillərin əksəriyyətinə pensiyalar təyin olunanda yazılır: “milli münaqişə zəminində”. Mən Sizdən, Hadi müəllimdən, kim məşğuldursa, onlardan xahiş edirəm ki, bu məsələni nəzərə alsınlar. 1991-ci ilin sentyabr ayına qədər olanlara milli münaqişə zəminində əlillik verilə bilər. Yerdə qalanlara qarşı soyqırımı törədilib. Bu necə milli münaqişə zəminində əlil ola bilər? Bu, məsələnin bir tərəfidir.
Fürsətdən istifadə edib bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Yenə təkrar edirəm, Xocalıda soyqırımı törədilib. Ulu öndərimizin təşəbbüsü və göstərişi ilə 1994-cü il fevral ayının 24-də bu Milli Məclis həmin soyqırıma siyasi qiymət verib. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının apardığı istintaq nəticəsində 1997-ci ilin may-iyun aylarında məhkəmə prosesi gedib, Xocalı soyqırımı hüquqi qiymətini alıb. Bayaq səsləndi, 20 yanvara milli hüzn günü deyirik. Əgər Xocalı soyqırımını siyasi və hüquqi cəhətdən tanımışıqsa, qiymətləndirmişiksə, soyqırımı günü niyə qeyri-iş günü hesab edilməsin? Bu, məsələnin bir tərəfi.
İkincisi, əgər Xocalıda soyqırımı törədilibsə, – bu gün bizdən başqa bunu heç kim tanımır, özümüz bunu tanıyırıq, – nəyə görə bu gün sağ olan Xocalı sakinlərinə, yaxud Xocalı şəhərinə soyqırıma məruz qalmış rayon statusu verməyək? Mənə elə gəlir ki, bu məsələlərə diqqətimizi cəlb eləməliyik.
Hörmətli Ziyafət müəllim, bundan başqa, bu gün Hadi müəllimin qəbuluna iki Milli Qəhrəmanın ailəsi gəlmişdi. Hadi müəllim mənə zəng elədi, onlar da eşitdilər. Hörmətli millət vəkilləri, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1995-ci ildə qəbul olunmuş Qanun var. Hörmətli Ziyafət müəllim, həmin qanunda həddən artıq boşluqlar var. Şəxsən mən dəfələrlə bu məsələni müxtəlif səviyyələrdə qaldırmışam ki, həmin qanuna yenidən baxmalıyıq. O gün Milli Qəhrəmanın övladı gəlib, bizim Xocalı batalyonunun komandirinin övladıdır. O hadisədə atası da, anası da, nənəsi də, babası da şəhid olublar, 3 yetim uşaq qalıb. Bu gün həmin uşaqlara deyilir ki, sizin 18 yaşınız tamam olub və artıq siz şəhid ailəsi kimi güzəştlərin heç birindən istifadə edə bilməzsiniz. Bu nə dərəcədə düzgündür, nə dərəcədə humanist bir qərardır? Biz bu məsələlərə baxmalıyıq.
Bundan başqa, canını vətən uğrunda fəda vermiş Milli qəhrəmanlarımız var. Bu gün Azərbaycanda Milli qəhrəmanların statusu haqqında qanunumuz da yoxdur. Bu məsələyə də baxmalıyıq. Mən çox xahiş edirəm, adını çəkdiyim qanuna yenidən qayıdaq, lazımi dəyişikliklər edək. Söhbət məsələnin maddi tərəfindən deyil, mənəvi tərəfindən gedir. Bu uşaq deyir ki, mənim atam Milli Qəhrəmandır, mənim atam şəhid olub. Nəyə görə şəhid ailəsi statusundan məhrum olmalıyam? Həmin güzəştlərdən istifadə etməməliyəm? Mənim sizdən xahişim odur.
Hörmətli Sədrimiz burada yoxdur, yəqin, televiziyadan müşahidə edir. Mənim Sizdən xahişim nədən ibarətdir? Bu Milli Məclisdə 120 deputatın içərisində yeganə mən – Elman Məmmədov Xocalıdanam, Dağlıq Qarabağdanam, həmin hadisələrdə iştirak eləmiş döyüşçüyəm, müharibə veteranıyam, Xocalı soyqırımını yaşamış bir insanam. Mən sizdən xahiş edirəm, belə bir şərait yaranıb ki, artıq xeyli müddətdir, qaçqınlarla, məcburi köçkünlərlə, Dağlıq Qarabağla, Xocalı ilə bağlı görüşlər, tədbirlər, səfərlər olur, amma bunların hamısından mən bir növ təcrid olunuram. Nəyə görə? Səbəbini bəlkə izah edək? O adamlar hansı meyara əsaslanırlar? 1988-ci ildən bu günə qədər mənim danışdıqlarımı, yazdıqlarımı oradan-buradan oxuyanlar gedib Xocalıdan, Qarabağdan danışırlar. Axı, mən canlı şahidəm, millət vəkiliyəm, əhalini təmsil edirəm. Çox sağ olun.
Sədrlik edən. Elman müəllim, sağ olun. Amma mən bildiyimə görə, Xocalı ilə bağlı, Dağlıq Qarabağla bağlı keçirilən tədbirlərin əksəriyyətində Siz iştirak eləmisiniz. Mən elə deməzdim. Amma Siz konkret nəyi nəzərdə tutursunuz? Biz çalışırıq ki, belə tədbirlərdə Siz mütləq iştirak edəsiniz, Havva xanım iştirak eləsin, digər yoldaşlar iştirak eləsinlər.
Bu məsələni səsə qoyaq. Elə bilirəm ki, bu məsələ ilə bağlı yekdil fikir əldə olundu. Buyurun, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim bir qanun layihəmiz qaldı. O, ikinci oxunuş üçündür. Buna vaxtımız çatmayacaq. Etiraz yoxdursa, gələn dəfə müzakirə edərik. Sağ olun, gələn iclasda görüşənədək.