02.04.2010 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ

PROTOKOLU  №  138

Milli Məclisin iclas salonu.
2 aprel 2010-cu il. Saat 12.

Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin  109 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

E.Süleymanova, Azərbaycan Respublikasının  İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
M.Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
A.Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
V.Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
A.Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Z.Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri.
Z.Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.

*    *    *


İ.Tağıyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və İnkişaf İdarəsinin rəisi.

*     *    *

B.Budaqov, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının sədri.

T.Bünyadov, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası sədrinin müavini.

*     *     *

A.Tağıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Ə.M.Hüseynovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.
3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.
4. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
5. Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
6. Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
7. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.
8. “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.
9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.


İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Ə.M.Hüseynovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2 aprel 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu gün Kəlbəcərin işğalından 17 il keçir, Kəlbəcərin işğal olunduğu gündür. Hamınız çox gözəl bilirsiniz ki, Kəlbəcər işğal olu-nandan sonra ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul elədi. Bu qətnamədə açıq şəkildə yazılıb ki, Ermənistan işğal elədiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Amma bu qətnamə indiyə kimi yerinə yetirilməyib.
Mən əminəm, inanıram və sizi də inandırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət, onun güzəştsiz, qəti mövqeyi,  Azərbaycanın iqtisadi, siyasi gücü sayəsində, yəqin, bu il Kəlbəcərin işğalının  son anım ili olacaq. Xahiş edirəm, Kəlbəcərdə həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 104
Yetərsay   83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə  96
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  99
Nəticə: qəbul edildi

Gündəlik təsdiq olundu, çox sağ olun. Gündəliyin müzakirəsinə başlayırıq.
Bəzən biz burada teatrlaşdırılmış səhnələr açırıq. Xahiş edirəm, bundan uzaq olaq. Buyurun, yazılın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci idin, əlini yavaş saxla ki, ikinci olmayasan. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm. Möhtərəm Sədr, keçən bayramlarınızı bir daha təbrik edirəm. Bayram müddətində biz seçki dairələrimizdə olmuşuq və bayramlaşmaqla yanaşı, insanların bir sıra problemləri ilə rastlaşmışıq. Sözün doğrusu, hər dəfə öz seçki dairəmə Şirvan–Bəhrəmtəpə yolu ilə gedib-gələndə hansı hissləri keçirirəmsə, bunu sizə çat-dırmaq istəyirəm. Bilirsiniz, bir dəfə demişəm, bir daha deyirəm, o, Qarabağ yoludur. O yolla təxminən bir milyon adam Qarabağa gedib-gəlir. O cümlədən bu, 100 min, 150 min qaçqının gedib-gəldiyi yoldur. İndi hörmətli Sədr dedi ki, biz ümid edirik, bu  bizim işğal olunmuş torpaqlarımızın axırıncı anma ili olacaq. Amma buna oxşamır, Oqtay müəllim.
Burada məndən başqa  da o dairələrdən seçilmiş xeyli deputat var. Bizim dairədən hörmətli Gülhüseyn müəllim, hörmətli Rüstəm müəllim var. Cəlal müəllim ağsaqqal adamdır, gedib-gəlmir, yəqin, o yolu görmür. Sonra  İmişlidən İltizam bəy, Ağcabədidən Tahir bəy, Beyləqandan Əhəd müəllim var və sair. Bilirsiniz, adam xəcalət çəkir.
Son dövrlərdə yazırlar ki, Azərbaycana xeyli qatır-eşşək idxal edirlər. Sizi inandırıram, heç o heyvanlar da o yolu ge-dib-gələ bilməz. Amma bizi məcbur edirlər ki, bu şəraitdə gedib-gələk. Mən həmin adını çəkdiyim deputatları dəvət edirəm ki, ya Ziya Məmmədovun nazirliyinin qarşısında bir piket keçirək, ya da orada yolu kəsək, camaatımızı o yola tökək. Bəlkə onda buna baxan olar. Söhbət hər hansı bir müasir yolun çəkilməsindən getmir ki. O yolda ağır tonnajlı maşınlarda Ziya Məmmədovun firmasının məhsulları, Bəhrəmtəpədən çınqıl daşınır, o dərələrə, o quyulara da bundan töksünlər ki,  yolu gedən vətəndaşlar özlərini insan kimi hiss eləsinlər.  Ziya müəllim bir neçə dəfə mənimlə rastlaşıb. Deyir ki, Ucarda o vaxt qızıl olub, guya mən onu tapmışam və mənimsəmişəm. Deyəsən, Ucar qızıllarından söhbət gedir. Onun iki-üç dəfə mənə dediyi bu olub. Deyirəm, bəlkə o qızıllardan qara bazarda tapaq və ona verək, bir iş görsün. Belə şey olmaz, bu biabırçılığa son qoyulmalıdır.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Cənab Sədr, təşəkkür edirəm, mümkünsə, Zahid Oruc danışsın.
Sədrlik edən. Zahid Oruc, buyurun.
Z.Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən həmkarlarıma bir tarixi xatırlatmaq istəyirəm. 2002-ci il 17  avqust tarixində ulu öndərin fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu təsis edildi. Heç şübhəsiz ki, o dövrdə bu, cəmiyyət tərəfindən də yüksək səviyyədə qarşılandı. Çünki bu, bütövlükdə götürüldükdə Azərbaycan dövlətinin ordu quruculuğuna münasibəti ilə yanaşı, millətimizin hər bir nəfərinin bu prosesə töhfə verməsini təmin edəcəkdi. Bu fondda, bildiyim qədər, cəmi 4,5 milyona yaxın bir vəsait toplanıb. Heç şübhəsiz ki, bu, bütövlükdə bizim millətin gü-cünü, iqtisadi imkanlarını özündə ifadə eləyən bir vəsait deyil. Biz bunu real hərbi dilə çevirsək, bu, təxminən 4 tank edəcək ki, bu vəsaitlə nə qədər güclü təhlükəsizlik sistemi yaradılması da özü-özlüyündə aydın olur.
Əlbəttə, dövlətimiz ötən dövr ərzində ordu quruculuğuna diqqəti artırmışdır və bu sahəyə yönələn vəsait ildən-ilə artır. Amma biz bəzən düşmən xalqın və başqa millətlərin ümumi milli amal, milli ideya, milli savaş naminə yüz illərdən gələn ödəmələrindən danışırıq. Mənə elə gəlir, Silahlı Qüvvələrə Yardım Fondunu bir az tərcümə etsək, – baxmayaraq ki, öz dilimizdədir, – bu, Qarabağ Fondu kimi səslənə bilər. Bu prosesə töhfə vermək üçün mən yenə də çağırış eləmək istəyirəm. Əlbəttə, bu, kampaniya şəklində olmamalıdır. Əlbəttə, bu nə biyar, nə də töycü deyil ki, hər hansı bir müəssisənin rəhbəri kiminsə adından reklam kimi ifadə eləsin. Bunu bir simvolik rəqəmlə ifadə eləsək, məsələn, 1 milyona qədər insan hərəyə cəmi 10 manat ödəmələr eləsə, ayda 10, ildə 120 milyon manata yaxın vəsait eləyir ki, bu, heç şübhəsiz, müəyyən hərbi imkan, hərbi güc deməkdir. Dünya azərbaycanlılarını da bu prosesə töhfə verməyə çağırıram.
İkinci, cənab Sədr, Siz bu gün Kəlbəcərin işğalına və BMT-nin qətnamələrinə toxundunuz. İş elə gətirib ki,  Pan Gi Munun səfəri məhz elə bu günə təsadüf edir. Mən düşünürəm ki, BMT özünün mandatı ilə yaratdığı ATƏT-in Minsk qrupunun fəaliyyətinin, əslində, iflasa uğradığını görməlidir. Dünyada onun yaranışının başlıca məqsədi də, birinci növbədə, ölkələrin ərazi bütövlüyünü təmin eləməkdir, çünki Azərbaycan məhz bu ərazi bütövlüyü çərçivəsində həmin quruma daxil oldu. Biz parlamentarilər olaraq  bu tri-bunadan BMT-nin Baş katibinə müraciət edirik ki, BMT öz missiyasını yerinə yetirsin. Bu qədər güclü bir qurum xırda bir Ermənistan qarşısında aciz deyil ki, ən müxtəlif sanksi-yalarla onu məcburi sülhə vadar eləsin və Azərbaycan...
Sədrlik edən.  Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən aktual olan bir məsələyə diqqət çəkmək istəyirəm. Bu, MSK ilə bağlı olan bir məsələdir. Bildiyiniz kimi, artıq seçkilərin vaxtı təyin olunub, 2010-cu ilin 7 noyabrında seçkilər keçiriləcək. Amma çox maraqlıdır ki, bu gün MSK-nın nəzərdə tutulan 18 nəfər üzvündən yalnız 15 nəfəri müəyyən olunub. Çox maraqlıdır ki, hakim partiyanın təmsilçilərinin və bitərəflərin siyahısı orada tam şəkildə mövcuddur, amma parlamentdə azlıq təşkil eləyən partiyaların nümayəndələrinin ye-ri boş saxlanılır. Bu hansı məntiqlə edilir, anlamaq olmur. Bu yaxınlarda da MSK-nın katibi Svetlana Qasımova Allahın rəhmətinə qovuşdu və artıq bu say üçə çıxdı. Açığı, anlamaq olmur ki, Milli Məclisdə azlıqda olan partiyalar deyiləndə nə başa düşülür? Yəqin, Müsavat Partiyası üçün 2 nəfərin namizədliyinin verilməsi nəzərdə tutulmuşdu. Partiya imtina elədi, ya da bilmirəm, başqa səbəblərdən orada iştirak eləmədi. Bu yer əbədi boş qalmalıdır? Azlıq ancaq Müsavat Partiyasına aid deyil ki? Parlamentdəki digər partiyaların təmsilçilik məsələsi niyə həll olunmur? Niyə bizim nümayəndələrin orada təmsil olunmasına imkan yaradılmır? Sa-bah ATƏT-in, başqa təşkilatların gündəminə çıxacaq ki, niyə 18 nəfərdən  15-inin yer təmin olunur, amma 3 yer, xüsusilə də parlamentdə azlıq təşkil eləyən partiyalara aid olan yerlər boş qalır? Ona görə Oqtay müəllim, mən xahiş edirəm, bu məsələyə diqqət yetirəsiniz. Gələcəkdə seçkinin keçirilməsi və imic baxımından bu, Azərbaycan üçün vacib-dir. Bizim partiyalar öz namizədləri ilə MSK-da təmsil olunmaq istəyirlər, bunu diqqətə almanızı xahiş edirəm.
İkinci bir vacib məsələni qeyd etmək istəyirəm. Biz 31 martı azərbaycanlıların soyqırımı günü kimi qeyd elədik. Bu gün də yaxşı bir addım Sizin tərəfinizdən atıldı, Kəlbəcərin işğalı zamanı həlak olanların ruhunu xatırladıq və onlara hörmətimizi ifadə elədik. Amma çox maraqlıdır,  bu gün bu zalda iclas keçirməyimizin, Bakının paytaxt olaraq mövcud-luğunun əsas səbəbkarı, paytaxtın alınmasında hər bir azərbaycanlıdan bəlkə də daha böyük rolu olan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi məsələsinə diqqət yetirmirik. Tariximizdə bu şəxs qədər Azərbaycan üçün fədakarlıq edən çox az sayda insan tapmaq olar. Onun xatirəsini əbədiləşdirmək nə çətin şeydir ki? Bunu biz Türkiyənin xatirinə eləmirik, bunu Azərbaycan üçün edirik. Qədir bilmək baxımından bunu eləməyimiz vacibdir. Yüzlərlə fontan, park salınır. Bunların birində Nuru Paşanın xatirəsini əbədiləşdirmək nə böyük şeydir? Bu gün tarixi bilənlər bilir ki, onun qədər Azərbaycan üçün fədakarlıq edən çox az sayda insan var. Ona görə də hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində xüsusi diqqət yetirilməli və 15 sentyabra qədər bu məsələ öz həllini tapmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Parlamentə gələrkən çox ciddi tıx-acla üzləşdik. Bakıxanov küçəsindəki körpüdə yol örtüyü növbəti dəfə dəyişdirilir. Bakıda bir neçə küçə var ki, dör-düncü, beşinci dəfə, hətta ildə bir neçə dəfə yol örtüyü  dəyişdirilir və hər növbəti dəfə keyfiyyət artır. Bəlkə treninqlər keçirilir? Amma o yerdən heç də uzaq olmayan Ağadadaş Qurbanov küçəsində yol örtüyü ya çar Aleksandr, ya da II Nikolayın cavanlığı zamanında salınıb. İçməli su havaya püskürdüyünə görə orada artıq göl yaranıb. Mən dəfələrlə bu məsələ ilə bağlı həm rayon, həm şəhər rəhbərliyinə, həm də Nəqliyyat Nazirliyinə müraciət eləmişəm. İnsafən deməliyəm ki, heç kəsdən “yox” cavabı almamışam. Çox maraqlıdır, bəlkə bu, “yox” sözünün önə-mini artıran amildir, yəni eləməyəcəyik.  Hamı “hə” deyir. İllər boyudur heç təcili yardım maşınları da bu küçədə hərəkət edə bilmir. Müharibə əlilləri, müharibə veteranları yaşayan ərazidə, demək olar ki, vətəndaşlarımızın həyatı üçün təhlükə var. Bakının mərkəzində su ilə dolu çalalar artıq bir növ Loxnes gölünə çevrilib.
Hörmətli cənab Sədr, bəlkə mənə məsləhət verəsiniz, kimə müraciət edim? Mən  hörmətli Baş nazirə müraciət etməyə hazırlaşıram. Vallah, Prezidentin diqqətini belə bir məsələyə cəlb eləmək ayıbdır. Şəhərimiz inkişaf edir, onun xarici görünüşü də dəyişir. Çox gözəl ki, xarici qonaqlar keçən traslarda hər il bir neçə dəfə yol örtüyü dəyişilir. Amma birdən bu xarici qonaq çaşıb Ağadadaş Qurbanov küçəsinə gedərsə və o, Loxnes gölünü görərsə, biz xaricilərin qabağında biabır olarıq. Onun üçün istərdim ki, bəzi məmurlar ya “yox” sözünü öyrənsinlər, ya da “hə” sözünü icra eləsinlər. Çox sağ olun.
Sədrlik edən. Loxnesi sənin üçün peyzaj yaradıblar ki, baxasan. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən də diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Bu günlərdə biz növbəti dəfə Dünya azərbaycanlılarının soyqırımı gününü qeyd elədik. Hesab edirəm ki, mərhum Prezident Heydər Əliyevin 31 martın dünya azərbaycanlılarının soyqırımı günü kimi qeyd olunması haqqında imzaladığı fərman bu hadisələrə, bu qırğınlara verilən hü-quqi, siyasi qiymətin bariz nümunəsidir. Amma mən düşünürəm ki,  bu mühüm fərmanın qüvvəyə minməsindən sonra görülən işlər həmin sənədin əhəmiyyəti ilə adekvat deyil. 12 il ərzində 31 mart dünya azərbaycanlılarının soyqırımı faktını dünyaya tanıtmaq yönümündə çox böyük işlər görmək olardı. Necə ki, bədnam qonşularımız baş verməyən, olma-yan bir soyqırımı haqqında bütün dünyanı az qala inandıra biliblər. Amma biz əlimizdə əhəmiyyətli sənədlər, bilgilər olduğu halda öz tariximizi, özü də yaxın tariximizi dünyaya tanıda, dünyanın diqqətinə yönəldə bilmirik.
Mən düşünürəm ki, bu yöndə dövlətin çox açıq-aydın bir proqramı olmalıdır. Orada açıq şəkildə göstərilməlidir ki, biz bu yöndə nə etmək istəyirik və nə etməliyik. Bu yöndə siyasətçilərin, tarixçilərin, yazıçılarımızın görəcəyi işlər nədən ibarət olmalıdır. Çox təəssüf ki, biz bu məsələdə qarşı tərəfdən – ermənilərdən çox-çox geridə qalırıq. Amma mən düşünürəm ki, bizim onlardan qabağa keçmək, onlardan irəlidə olmaq üçün çox geniş imkanlarımız var. Ən azı ona görə ki, biz haqlı tərəfik və əlimizdə təkzibolunmaz sənədlər, faktlar var. Əlimizdə Quba məzarlığı kimi bir fakt var. Eyni zamanda, bizim irəlidə, onlardan qabaqda olmağımız üçün çox böyük maliyyə imkanlarımız var. Azərbaycan dövləti güclü dövlətdir, iqtisadi və siyasi cəhətdən bölgənin ən əhəmiyyətli və qərar verən ölkələrindən biridir. Bu baxımdan imkanlarımızdan geniş şəkildə istifadə etməliyik. 
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən seçicilərimizin xahişi ilə “Azərenerji”nin yerlərdə abonentlər üçün yaratdığı çox ciddi bir problemi sizin nəzərinizə çatdırmaq istəyirəm. Məlumdur ki, indi yerlərdə elektrik xətlərinin yenidən qurulması prosesi gedir. Ümid edirik ki, yerlərdə kabelləşdirmə və mənzillərin müasir sayğaclarla təmin edilməsi, nəhayət ki, ölkə əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək. Ancaq çox təəssüf ki, “Azərenerji”nin regional təşkilatları bu layihənin icrasından da qanunsuz yolla pul toplanması üçün istifadə etməyə ba-şlamışdır. Yerlərdə köhnə sayğaclar kütləvi şəkildə dəyişdirilərkən guya abonentlərin 2007-ci ildən bəri elektrik şəbəkəsinə böyük məbləğdə pul borclu olmaları haqqında iddialar irəli sürülür və bu pullar ödənilməyincə həmin mənzillər qaranlıqda saxlanılır. Kim 2007-ci ildən bəri ödəmə qəbzlərini saxlaya bilibsə, borclu olmadığını sübut edir və evində işığını yandıra bilir. Pulu ödəməyinə baxmayaraq, keçən üç ilin qəbzlərini saxlaya bilməyənlər isə borclu vəziyyətinə salınır və onların adına yazılan pulu ödəyənə qədər qaranlıqda yaşamağa məcbur edilirlər.
Kifayət qədər abonent siyahısı təqdim etmək mümkündür ki, borclu kimi qeyd edilsə də, məhz saxladığı üç illik ödəniş qəbzlərini göstərdiyinə görə adı borclular siyahısından sil-inmişdir. Deməli, belə çıxır ki, əgər mən üç ilin müddətində qəbzləri saxlaya bilməmişəmsə, o halda hansısa məmurun şəxsi maraqları naminə adıma yazılan borcları ödəməliyəm. Sual olunur, əgər doğrudan da, abonentlərin 2007-ci ildən bəri borcları yaranıbsa, niyə vətəndaşlara hər ay verilən bildirişlərin heç birisində bu qalıq borclar qeyd edilməmişdir? Yaxud da əgər bu borclar olubsa, niyə keçən üç ilin müddətində onun ödənilməsi üçün regional təşkilatların rəhbərləri tərəfindən lazımi tədbirlər görülməmişdir?
Cənab Sədr, sirr deyil ki, ölkədə kütləvi hal alan bu anormal vəziyyətin yaranmasının səbəbi “sayğac sürüşdürməsi” adı ilə məşhur olan və əhalinin ödədiyi pulların qeydiyyatdan gizlədilməsi, həmçinin kommersiya təşkilatlarının işlətdiyi elektrik enerjisinin əhalinin adına yazıl-ması ilə nəticələnən əməliyyatla bağlıdır. Yerlərdə bu məsələ ilə əlaqədar elə acınacaqlı vəziyyət yaranmışdır ki, borcları silmədən problemi həll etmək mümkün deyildir. Çünki 200 manatdan 300 manata qədər olan bu dırnaqarası borcları ödəmək əksəriyyəti ağır vəziyyətdə yaşayan in-sanlar üçün etiraf edək ki, son dərəcə çətindir. Ona görə də cənab Sədr, ölkənin bütün rayonları üçün xarakterik olan bu problemin həlli məqsədi ilə vətəndaşların adına yazılan borcların silinməsi üçün təşəbbüs göstərməyinizi xahiş  edi-rik. Çox sağ olun.
Sədrlik edən. Hörmətli İltizam müəllim, Sizin dediyinizdən belə çıxır ki, qəbzi itirənlərin borcu silinmir. Amma “Azərenerji”  çoxdan kompüter sisteminə keçib və orada bu, adbaad gedir. Bir adamın adını dəyişmək üçün bü-tün balansı dəyişməlisən. Yəni bu, düzgün fikir deyil, niyə camaata  yanlış söz deyirsiniz? Bir nəfər adamın qəbzini yoxlayıb borcunu silirlər? Arzu Səmədbəyli.
A.Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də aktual olan bir problemlə bağlı dan-ışmaq istəyirəm və bu məsələ ilə bağlı biz dəfələrlə parlamentdə çıxış eləmişik. Çox təəssüflər olsun ki, bunlar heç bir nəticə verməyib. Söhbət vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulmasından gedir. Martın 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova  yürüş və  mitinqlərin keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı müraciət etmiş-dir. “Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrının qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və sair.
Eyni zamanda, Müsavat başqanı dövlət əhəmiyyətli qu-rumların, yəni Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Mərkəzi Seçki Komissiyasının və digər dövlət orqanlarının yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını xahiş eləmişdi. Mart ayının 12-də göndərilən məktuba aprel ayının 1-də cavab verilib. Təbii ki, bu cavab bizi qətiyyən qane eləmir. Birinci hissəyə aid olan cavab ondan ibarətdir ki,  insanların sıx yaşadığı yerlərdə belə tədbirlərin keçirilməsi onların istirahət hüququnu pozur və nəqliyyatın sərbəst hərəkətinə mane olur. Bunlar, bilirsiniz ki, tamamilə əsassız fikirlərdir və heç bir hüquqi əsası yoxdur. Çünki indiki hakimiyyətin dövründə daha mərkəzi yerlərdə – Xalça Muzeyinin qarşısında, Sahil bağında şoular keçirilib, konsertlər verilib, kütləvi aksiyalar olub. Ora əhalinin də, nəqliyyatın da gur olan yeridir. Hacıbala Abutalıbovun sözlərinə görə həmin yerlərdə kütləvi aksiyalar keçirmək olmaz. İkinci hissəyə, yəni dövlət orqanlarının yerləşdiyi binalardan 200 metrlik məsafədə kütləvi aksiyaların keçirilməsi məsələsinə isə, ümumiyyətlə, toxunulmur.
Birinci hissəyə aid olan cavaba fikir verin: seçki kam-paniyası dövründə müəyyən tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrıla bilər. Bu onun səlahiyyətinə aid olmayan bir məsələdir. Əvvəla, kütləvi aksiyanın keçirilməsi yerini, zamanını onu təşkil edən təşkilat müəyyən edir. Sadəcə olaraq, şəhər meriyası onun təhlükəsizliyini qoruyur və şərait yaradır. İkincisi isə təkcə seçki kampaniyası dövründə kütləvi aksiya keçirilmir. Vətəndaşların sərbəst toplaşmaq hüququ seçki kampaniyası olmayan dövrlərdə də həyata keçirilir. Biz şəhər meriyasının bu qanunsuzluğuna son qoyulmasını tələb edirik və cənab Sədr, Sizdən də bu məsələyə müdaxilə etmənizi istəyirik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Oqtay müəllim, əgər mümkündürsə, öz vaxtımı Gülər xanıma vermək istərdim.
Sədrlik edən. Buyurun, Gülər Əhmədova.
G.Əhmədova.  Sağ olun, təşəkkür edirəm. Oqtay müəllim, bildiyimiz kimi, martın 31-də parlamentdə mətbuat kon-fransı keçirildi. Buna görə bir daha  Sizə və Milli Məclisin Aparatına təşəkkürümü bildirirəm. Eyni zamanda, bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm, çünki güman edirəm ki, bu artıq müəyyən mənada ənənə formasını alır. Təəssüflə bunu qeyd edirəm. Ancaq mütləq deməliyəm.
Siz bilirsiniz ki, bir il bundan öncə Beynəlxalq Diaspor Mərkəzi adlı qeyri-hökumət təşkilatı Çanaqqalada  şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün müraciət etdi və buna Türkiyə dövləti tərəfindən icazə ver-ildi. Mən həmin təşkilatın məşvərət şurasının üzvü olduğum üçün belə qərara gəldik ki,  ümumiyyətlə, xatirə lövhəsinin  hər hansı bir qeyri-hökumət təşkilatının adından qoyulması doğru olmaz. Çox yaxşı olar ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edək və orada qərar qəbul olun-sun. Doğrudan da, belə oldu.
Qərar qəbul olundu və cənab Ramiz Mehdiyevin imzası ilə məktub göndərildi və bu məktubda həmin xatirə lövhəsinə konkret olaraq nələrin yazılacağı göstərildi. Çünki biz əvvəlcədən düşünmüşdük ki, burada BDM-in adı yazılacaq. Amma Ramiz müəllimin imzası ilə gələn məktubda konkret olaraq göstərilirdi ki, belə yazılmalıdır: Türk torpaqlarının azadlığı uğrunda Çanaqqalada şəhid olmuş azərbaycanlıların əziz xatirəsinə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyi tərəfindən qoyulmuş bu xatirə lövhəsi iki dövlətin qardaşlığını və əbədi birliyini təcəssüm etdirir. Bütün şəhidlərimizin ruhu şad ol-sun! Hər iki tərəfdə Azərbaycan və Türkiyənin bayrağı təsvir edilmişdi, onların altında isə ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün sözləri verilmişdi. Şübhəsiz ki, qərar verildikdən sonra konkret olaraq bizim İstanbuldakı konsulluğumuza tapşırıq verildi ki, bu tədbirlərdə iştirak etsin. Rəsmi olaraq onlara məktub göndərildi ki, bizi qarşılasınlar və bu tədbirə başçılıq etsinlər. Çünki bu artıq konkret olaraq Türkiyə Cümhuriyyətindəki Azərbaycan Respublikasının səfirliyi adından qoyulurdu.
Çox xoşagəlməz və narahatedici bir olay yaşadıq. Çanaqqaladakı şəhidliyə Azərbaycan adından əklili qoyduq, protokolda iştirak etdik, hər şey öz qaydasında gedirdi. Konkret olaraq xatirə lövhəsini yerinə qoymaq istəyəndə bizdən soruşdular ki, burada Azərbaycan səfirliyindən kim var? Təəssüflə demək istəyirəm ki, Türkiyədəki səfirimizin və konsulun arasında olan anlaşılmazlıqdanmı, kiminsə öz səlahiyyətlərini aşmasındanmı, yaxud  laqeydlikdənmi, deyə bilmərəm, nəticədə çox böyük bir olay yaşandı. Bunu türk mətbuatı yazdı, internetdə, televiziyalarda göstərdilər. Biz heç bir halda  bu xatirə lövhəsini qoymamış geri qayıda bilməzdik.
Sədrlik edən. 3 dəqiqə vaxtın var. Bundan sonra heç kimə əlavə vaxt verməyəcəyəm. Buyurun.
G.Əhmədova. Məcbur idik ki, bu məsələni həll edək. Amma demək istəyirəm ki, konsulluğun  bu məsələyə bu dərəcədə laqeydliyi yolverilməzdir. Konsulluq əməkdaşları bizim yanımızda olmaq əvəzinə Azərbaycandan istirahətə gedən insanların arxasınca düşüb müxtəlif dükan-bazarı gəzdikləri üçün biz bu cür ciddi bir olayı yaşadıq. Çox böyük xoşbəxtlik oldu ki, həmin anda Baş nazir sayın Ərdoğan bizə yaxınlaşdı. Biz bir daha ondan xahiş elədik və cənab Ərdoğan səviyyəsində bu lövhəni ora qoya bildik.
Mən artıq dərəcədə Sizdən də xahiş edirəm ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırasınız, çünki bu, birinci hadisə deyil. Biz – Azərbaycanın 4 nəfər qadın millət vəkili keçən il Türkiyəyə gedəndə özümüzə qarşı bu cür laqeyd və biganə münasibəti görmüşdük. Təəssüflə demək istəyirəm ki,  bu gün bizim konsulluğumuzun əməkdaşlarının və konkret olaraq konsulumuzun  gördüyü bu işlər nəticəsində görə biləcəyimiz ən yaxşı işlər...
Sədrlik edən. Oldu. Siz bunu yazılı surətdə də mənə vermişdiniz, Gülər xanım. Çox əfsuslar olsun ki, bəzi millət vəkilləri də İstanbuldakı konsulluğun millət vəkillərinə qarşı belə diqqətsizlik nümayiş  etdirməsi barədə mənə müraciət ediblər. Bizim İstanbuldakı konsulumuz elə bizim aramızdan çıxan bir insandır, beş il burada millət vəkili olub. Mən çox təəssüf edirəm ki, o, millət vəkillərinə belə münasibət sərgiləyib. Mən xarici işlər naziri ilə söhbət elədim, bu məsələ öz həllini tapacaq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu yaxınlarda Bakı şəhərində insanların çox toplaşdığı yerlərdə terror aktları törətməyə cəhd etmiş bir cinayətkar dəstə bizim Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən ifşa olundu. Azərbaycan əvvəllər bu cür terror hadisələrini yaşayıb və bundan çox əziyyət çəkib. Elə bu yaxın günlərdə biz Rusiyada, Dağıstanda baş vermiş terror hadisələrinin də dəhşətli nəticələrini gördük. Ona görə də mən çox istəyərdim ki, biz  baş verə biləcək belə ağır cinayətin qarşısını almış Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına öz hörmətimizi və minnətdarlığımızı çatdıraq və eyni zamanda, hüquq mühafizə orqanlarını  əhalinin çox toplaşdığı yerlərdə xüsusi təhlükəsizlik kameraları quraşdırmağa, insanların təhlükəsizliyinin təmin olunması üçün daha ciddi və səmərəli addımlar atmağa çağıraq.
Mənim münasibət bildirmək istədiyim ikinci məsələni burada Zahid Oruc qaldırdı. Vaxtilə mən də bu məsələni parlamentdə qaldırmışam. Bu, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitin toplanması ilə bağlıdır. Qardaş Türkiyə Respublikasında bununla bağlı televiziyalarda tez-tez reklam çarxları  verilir və insanlar silahlı qüvvələrin formalaşdırılmasında yaxından iştirak  edirlər. Ora toplanan vəsaitin də nə cür xərclənməsi ilə bağlı həmin fonda vəsait köçürən in-sanlara məlumat verilir. Çox yaxşı olardı ki, Azərbaycanda da bu təcrübədən istifadə olunsun.
Sonra, Oqtay müəllim, burada Fazil bəy Mərkəzi Seçki Komissiyasının formalaşdırılması ilə bağlı məsələ qaldırdı. Mən də bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Çox istəyərdim ki, növbəti iclasların birində biz artıq Mərkəzi Seçki Komissiyasını tam tərkibdə formalaşdıraq. Burada Müsavat Partiyasının üzvləri oturublar və hər zaman qanunun aliliyindən danışırlar. Hesab edirəm, onlar da tələb eləmələdirlər ki, Mərkəzi Seçki Komissiyası tam tərkibdə formalaşdırılsın. Azlıqda qalan partiyaların hüququ var ki, MSK-nın formalaşdırılmasında iştirak etsinlər. Amma bu o demək deyil ki, müəyyən bir partiya MSK-nın formalaşdırılmasında ərköyünlük edib bu və ya digər siyasi şərtlər irəli sürürsə və o şərtlər qəbul olunmursa, Mərkəzi Seçki Komissiyası tam formalaşdırılmamalıdır.  Seçki Məcəlləsində göstərilir ki, o yerlər azlıqda qalan partiyalara verilib və o yerlər tutulmalıdır. Ona görə də mən çox istərdim ki, tezliklə Mərkəzi Seçki Komissiyası tam tərkibdə formalaşdırılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. İkinci dəfədir ki, bu məsələyə münasibət bildirilir. Mən  yada salmaq istəyirəm ki, Mərkəzi Seçki Komissiyası formalaşanda, bəli, azlıq təşkil edən partiya kimi Müsavat Partiyasının da orada yerləri var idi. Bütün təyinatlar sizlərlə, azlıqda olan partiyalarla razılaşdırılmışdı. Əfsuslar olsun ki, Müsavat Partiyası bundan imtina etdi. Mən Sizinlə razıyam ki, bu məsələ seçkiqabağı öz həllini tapmalıdır. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də qaldırılan məsələlərlə razıyam, amma bir neçə məsələyə toxunmaq istəyirəm. Birinci növbədə, bilirsiniz ki, bizim “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunumuz var və sonradan da buna dəyişikliklər də edildi. Bu qanun Venesiya komissiyası tərəfindən də dəstəklənibdir və tam şəkildə Avropa standartlarına uyğundur. Əgər kimsə bu qanuna etiraz edirsə, məhkəməyə müraciət edə bilər. Amma burada bir məsələ ortaya çıxır. Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin ayrı-ayrı partiyalara ayırdığı o zəfəran  suyunun iyi burunlarına dəyən kimi, bu insanlar mitinq, nümayiş keçirmək haqqında düşünməyə başlayırlar. O şirə ki gəlməyə başlayır, artıq mitinqlərlə bağlı müraciətlər daxil olur.
Prezidentimiz 2010-cu il ekologiya ili elan edib. Müraciət edin, gedin ağac əkin, ya da başqa bir aksiya formasından istifadə edin. Nədən elə bu şirə gələn kimi, Azərbaycanda mitinqlər, yürüşlər, nümayişlər keçirmək  haqqında fikirləşirsiniz? Özü də o yerləri tələb edirsiniz ki, bu da mümkünsüzdür. Hamımız Bakı şəhərində yaşayırıq və bilirik ki, orada mitinq keçirmək qeyri-mümkündür. Yəni siz mümkün olmayan şeyi tələb edirsiniz.  Onlara göstərmək istəyirsiniz ki, baxın, biz mitinq keçirmək istəyirdik,  icazə vermirlər, ona görə də sizin qarşınızda heç bir məsuliyyət daşımırıq, verdiyiniz pul bizə halaldır.
Başqa bir aksiya formasından istifadə edin. Mətbuatda çıxış edin, sizi neçə milyon insan eşidir də. Elə hökmdür ki, parlamentin qabağına və yaxud başqa bir yerə yığışıb bu fikirləri söyləyəsiniz? Bunlar hamısı  ayrı-ayrı  dövlətlərin təşkil elədiyi təxribatçı qrupların siyasi partiya formasında həyata keçirdiyi tədbirlərdir. Mən hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti çox düzgün edibdir. Bu gün dünyada təhlükəsizlik sistemi qurulur, antiterrora qarşı mübarizə gedir. Hələ bilmək olmaz ki, siz hansı terror təşkilatlarına  xidmət edirsiniz və orada hansı hadisələr baş verəcək. Ona görə də bunun qarşısı alınmalıdır. Biz çalışırıq ki, hansı partiyanın üzvü olmasından asılı olmayaraq Azərbaycan vətəndaşlarının təhlükəsizliyini qoruyaq. Siz isə bunları  başqa istiqamətə sürükləyirsiniz. Bu baxımdan hesab edirəm ki, bu qərar düzgündür.
MSK ilə bağlı, Oqtay müəllim, Siz çox düzgün dediniz. Bir daha  azlıqda olan partiyalar müraciət eləsinlər. Müsavat Partiyası istəməzsə, parlamentdə təmsil olunan digər partiyalar o yerlərə namizədlərini müəyyənləşdirərlər və MSK tam tərkibdə öz fəaliyyətini davam etdirərək Azərbaycanda azad, ədalətli, demokratik parlament seçkilərini həyata keçirər. Bu seçkilərdə bütün həmkarlarıma uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, Pənah Hüseyn, sən bir dəfə buna görə cəzalandın. Yerindən danışma, başqasının sözünü kəsmə. Bu xəstəlikdən qurtar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyə keçirik. Birinci məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında”dır. Buyursun Elmira Süleymanova.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arzu Səmədbəyli.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq as, bir dəqiqə.  Əyləş yerində. Sən kimsən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən kimsən ki, yerindən danışırsan? Burada hər bir deputat mikrofondan danışır. Səviyyənizi göstərirsiniz, mikrofonsuz, yerindən danışırsınız, buranı bazara çevirirsiniz. Beşinci ildir, burada oturursunuz, amma hələ də bilmirsiniz ki, iclasda necə oturmaq lazımdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamınız yerdən replika ilə danışırsınız. Qurtarın!
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş Novruzov, Pənah Hüseyn, ayıbdır, özünüzə hörmət edin. Elmira xanım, buyurun.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! İlk növbədə mənə etimad göstərərək, namizədliyimi təkrarən bu vəzifəyə təqdim edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bu təqdimatı dəstəkləyən sizlərə öz təşəkkürümü bildirirəm.
İcazə verin, 2009-cu il üzrə fəaliyyətimlə bağlı məruzəni diqqətinizə çatdırım. Məruzənin mətni sizə paylanıb, in-anıram ki, siz onunla tanış olmusunuz. 2009-cu ildə sürətli iqtisadi və sosial inkişaf və insan hüquqlarının etibarlı təmin olunması sahəsində müsbət nəticələr əldə olunmuşdur. Vətəndaş cəmiyyəti təsisatları da cəlb edilməklə tərtib ol-unmuş və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqları üzrə Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə tədbirlərinin icrası, habelə Bakı şəhərinin 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizin həyatında mühüm dönüş nöqtələri olmuşdur.
Bununla bağlı mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanlarının və icmaların iştirakı ilə respublikanın bütün şəhər və rayonları əhatə edilməklə keçirilmiş ictimai dinləmələr əhalinin ictimai fəallığının artmasına imkan yaratmışdır. Biz hamımız bu proseslərin iştirakçısı və şa-hidiyik.
İl ərzində müvəkkilin ünvanına 8800 müraciət daxil ol-muşdur ki, bunların 83,7 faizi şikayətlərdən ibarətdir. Bunların 51 faizi icraata qəbul olunmuş, 48,9 faizindən qanunauyğun olaraq imtina edilmişdir. Müvəkkil burada əksini tapmış insan hüquq və azadlıqlarının pozulması ilə bağlı araşdırmalar aparmış, müvafiq dövlət qurumlarına müraciət etmiş və icraata qəbul olunmuş şikayətlərin 44,7 faizi təmin olunmuşdur. Bu da təxminən Avropa və postsovet məkanında mövcud göstəricilər səviyyəsindədir. Əhalinin müxtəlif qruplarının bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr səlahiyyətli orqanlara təqdim olunmuşdur.
Daxil olan şikayətlərin strukturunda müəyyən dəyişikliklər olmuş, şəxsiyyət vəsiqələrinin verilməsi, müraciət hü-ququnun pozulması, pensiyaların düzgün hesablanmaması, əşya əmlakına görə kompensasiyaların ödənilməsi, habelə torpaq problemləri ilə bağlı şikayətlər nisbətən azalmış, mülkiyyət və azad sahibkarlıq hüquqlarının pozulması, məhkəmə qərarları və onların icra olunmaması, ünvanlı sosial yardımların təyin və təmin edilməsi, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti, mənzil, kommunal xidmət sahələri ilə bağlı şikayətlər nisbətən çoxluq təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “İşgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə” 2009-cu il 13 yanvar tarixli sərəncamına əsasən milli preventiv mexanizm kimi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) müəyyən edilmişdir. Alınmış şikayət və müraciətlərdə göstərilmiş işgəncə xarakterli kobud rəftar, qəddar, yaxud ləyaqəti alçaldan digər davranış qaydalarına şübhə olan hallar üzrə araşdırmalar aparılaraq milli preven-tiv mexanizmin fəaliyyətinə dair ilk məruzə hazırlanmaqdadır.
Ötən il müvəqqəti saxlama təcridxanalarına 294, istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə 108 planlı və şikayətlərlə bağlı baxışlar keçirilmiş, burada saxlanılan şəxslərin saxlanma şəraiti araşdırılmış, hüquqları izah edilmişdir. Bu zaman hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri və əməkdaşları tərəfindən insanların hüquqlarının təmin olunmasında hüquq və qanun pozuntuları halları müşahidə olunmuşdur. İnsan hüquqlarının pozulması, xüsusilə zorakılıq hallarının aşkarlanması məqsədi ilə müvəkkilin nəzdində “Çevik Araşdırma Qrupu” və “qaynar xətt”, 2009-cu ildən isə uşaq haqları üzrə üçrəqəmli “916” saylı “qaynar xətt” 24 saat fəaliyyət göstərir, pozulmuş hüquqların bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Zəruri hallarda Azərbaycan Respublikasının Baş proku-roruna, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, aşkar edilmiş bir sıra çatışmazlıqlar aradan qaldırılmış, qanun pozuntularına yol vermiş əməkdaşlar məsuliyyətə cəlb olunmuşdur. Şikayətlərlə bağlı daxili işlər orqanlarına 333 sorğu və müraciət göndərilmişdir. Məlumata əsasən, ötən il ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 151 fakt qeydə alınmış, onlardan vətəndaşlarla kobud rəftarla bağlı 55, əsassız saxlama ilə 38, polisə əsassız gətirmə ilə 29, sürücülərin hüquqlarının pozulması ilə 18 hal üzrə 247 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 13 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 26 əməkdaş tutduğu vəzifədən azad olunmuş, 208 əməkdaş barəsində isə müxtəlif intizam tədbirləri görülmüş-dür.
Xidməti fəaliyyətlərində ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətinin 3, 6, 11 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifədən azad edilmiş, 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi ilə həmin müəssisənin əməliyyat şöbəsinin rəisi ədliyyə orqanlarında xidmətdən xaric edilmiş, digər müəssisə rəhbərlərinə isə xəbərdarlıq edilmişdir.
Ötən dövrdə müxtəlif pozuntulara yol verdiklərinə görə prokurorluq orqanlarının 65 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, prokurorluqda xidmətlə bir araya sığmayan, kobud qanun pozuntularına yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş və onlardan 3-nün barəsində cinayət işi başlanmışdır.
Kütləvi informasiya vasitələri və jurnalistlərin vəziyyəti də diqqət mərkəzində olmuşdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət və eləcə də sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması, eyni zamanda, təhqirə, reketçiliyə, böhtan xarakterli, yoxlanılmamış məlumatların yayılmasına, peşə etikası və peşəkarlıq tələblərinə riayət edilməməsinə yolverilməzlik zərurəti diqqətə çatdırılmış, Diffamasiya haqqında qanun layihəsi müsbət dəyərləndirilmiş və onun təkmilləşdirilməsinə yönəlmiş təkliflər verilmişdir. Törətdikləri əmələ görə jurnalistlərə alternativ tənbeh üsullarının tətbiqi, həmçinin əfv ol-unacaq şəxslərin  sırasında onların da nəzərdə tutulması təklif olunmuşdur. Qeyd edim ki, son amnistiya və əfv fərmanları ilə jurnalistlərin çoxu azadlığa buraxılmışdır.
2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədi ilə keçirilən referendum, daha sonra bələdiyyə seçkiləri günlərində müvəkkil və aparatın 37 əməkdaşı müvafiq ola-raq ölkənin 52 rayonunda 98 seçki dairəsi və 44 rayonda 41 seçki dairəsi üzrə, o cümlədən hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində müşahidələr aparmış, səsvermə prosesini izləmişlər. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində kütləvi informasiya vasitələrinə və ictimaiyyətə müvafiq məlumatlar, açıqlamalar verilmişdir.
Müsbət hal kimi qeyd edilməlidir ki, ilk dəfə olaraq bələdiyyə sədrliyi və ya üzvlüyünə seçilmiş qadınların sayı 4 faizdən 26,7 faizə qədər artmışdır. Bu həm də qadınların Milli Məclisə qarşıdakı seçkilərdə fəal iştirakına zəmin yaratmışdır. Artıq biz bu seçkilərə də hazırlıq işinə başlam-ışıq. Seçki təcrübəsinin daha da təkmilləşdirilməsi və vətəndaşların seçki hüquqlarının etibarlı müdafiəsi, seçicilərin fəallığının artırılması ilə öz iradələrini sərbəst ifadə etməsi, hər bir namizəd üçün bərabər imkanların yaradılması, yerli icra hakimiyyəti və polis orqanlarının fəaliyyətinin qanun çərçivəsində təmin edilməsi məqsədi ilə maarifləndirmə işi davam etdiriləcəkdir. Mən bu seçkilərdə hamınıza uğurlar arzulayıram. Seçki zamanı bəzi nöqsanlar aşkarlanmış və onların aradan qaldırılması üçün tövsiyələr verilmiş, seçicilərin sualları cavablandırılmışdır. MSK-nın müvafiq qərarına əsasən,  33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilər etibarsız hesab edilmişdir.
Müraciət etmək hüququna gəldikdə isə deməliyəm ki, vətəndaşların bəzi vəzifəli şəxslər tərəfindən qəbul edilməməsi, müraciətlərə yazılı cavab verilməməsi, ərizəçilərə formal və əsaslandırılmamış cavab verilməsi, habelə süründürməçilik hallarına yol verilməsi və bürokratik əngəllərlə bağlı şikayətlər almışıq. Yeri gəlmişkən, 2009-cu ildə bir neçə rayonda “açıq mikrofon” təcrübəsi də tətbiq olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunda, Vergilər, İqtisadi İnkişaf və Müdafiə nazirliklərində və digər qurumlarda eti-mad telefonlarından istifadə edilməsi nöqsan və problemlərin vaxtında həll edilməsinə, pozuntuların qarşısının alınmasına xidmət edir.
Ötən dövrdə müvəkkilin ünvanına daxil olmuş 982 şikayətdə hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı hallar öz əksini tapmışdır. Həmin şikayətlərlə bağlı ümumilikdə 232, o cümlədən Məhkəmə-Hüquq Şurasına 6, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə, Apellyasiya Məhkəməsinə və birinci instansiya məhkəmələrinə sorğular və müraciətlər göndərilmişdir. Müvəkkilin ünvanına ayrı-ayrı məhkəmələrin hakimləri və onların fəaliyyəti ilə bağlı daxil  olmuş şikayətlərlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciətlər edilmiş və lazımi tədbirlər görülmüşdür. Nöqsanlara yol verən 38 hakimin səlahiyyətlərinə xitam verilmiş, 100-dək hakim intizam məsuliyyətinə cəlb edilmiş, məhkəmələrin tərkibi təzələnmişdir. 2009-cu ildə 22 hakim barədə intizam icraatı başlanmış, 2 nəfər məhkəmə sədri intizam qaydasında tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı müvəkkilin ünvanına daxil olmuş 441 şikayət üzrə həyata keçirilmiş araşdırmalar nəticəsində bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Hüquqi yardım almaq hüququna gəldikdə isə deyim ki, ölkəmizdə hər yüz  min nəfərə 6 vəkil düşür. Bu da vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququna, eyni zamanda, onların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli təmin olunmasına maneələr yaradır.
Qərarları tövsiyə xarakteri daşıyan müvəkkil fəaliyyətini prokurorluq, ədliyyə, daxili işlər orqanları və başqa dövlət qurumları ilə sıx əməkdaşlıqda qurmuşdur. Prokurorluq orqanları ilə bağlı müvəkkilin ünvanına 415 şikayət daxil olmuşdur. Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı və həmçinin ibtidai istintaqla əlaqədar digər şikayətlər üzrə prokurorluğa 632 sorğu göndərilmişdir. Müvəkkil tərəfindən şikayətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı verilmiş tapşırıqlardan sonra bir sıra hallarda əsassız olaraq cinayət işlərinin başlanmasının rədd edilməsinə dair qəbul edilmiş qərarlar ləğv edilmiş və material əlavə araşdırmaya qaytarılmışdır. Lakin bu zaman hərtərəfli, tam və obyektiv araşdırma aparmamış və nöqsanlara yol vermiş tədqiqatçı və müstəntiqlərə qarşı heç bir əməli tədbir görülməmişdir. Odur ki, yerli prokurorluq orqanları tərəfindən müvafiq sahəyə prosessual rəhbərlik daha da gücləndirilməlidir.
Penitensiar xidməti sahəsində həyata keçirilmiş yeniliklər nəticəsində qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizam gücləndirilməsi üzrə geniş tədbirlər aparılmış, penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir. Şikayətlərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətindən narazılıqlar bildirilmişdir. Qeyd edilən şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Sağlamlığın qorunması hüququnun pozulması ilə bağlı daxil olmuş 329 şikayətlə bağlı Səhiyyə Nazirliyinə 174 sorğu göndərilmişdir. Bir çox hallarda pozulmuş hüquqlar bərpa olunmuş və vətəndaşlar ödənişsiz tibbi yardımla təmin edilmişlər. Ölkə Prezidenti tərəfindən 2010-cu il “Ekologiya ili” elan edilmiş və bununla bağlı müvəkkil Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə maarifləndirmə məsələləri də daxil olmaqla tədbirlər planı tərtib etmişdir.
Son illərdə, bildiyiniz kimi, ölkəmizdə ümumilikdə 1600-dən çox məktəb binası tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycan – yeni məktəb” proqramı çərçivəsində 280-dən artıq məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. Bununla belə, şəhər və rayonlarda yerləşən bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız vəziyyətdədir. Bəziləri isə qəza vəziyyətindədir. Müraciətlər nəticəsində ölkə Prezidentinin müvafiq sərəncamı ilə müvafiq vəsait ayrılmışdır. Eyni zamanda, uşaqların təhsildən kənarda qalması, o cümlədən oğlan uşaqlarının ağır əməyə cəlb olunması, qız uşaqları arasında isə erkən nikahların çoxalması gənc nəslin təhsil səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Yeri gəlmişkən, Təhsil Nazirliyinin “qaynar xətt”inə daxil olmuş müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində 10 məktəbin direktoru tutduğu vəzifədən azad edilmiş, 5 məktəbin direktoru isə töhmət almışdır. Ümumiyyətlə, son illərdə təhsil sahəsinin eksperimentlər poliqonuna çevrilməsi, müxtəlif yeni proqramların tətbiqi, fərqli tədris vəsaitlərinin istifadəyə verilməsi təhsil sisteminə, o cümlədən uşaqların mənimsəmə qabiliyyətinə və təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Müsbət hal kimi isə təklifimizlə orta məktəblərdə insan hüquqlarının bir fənn kimi tədris olunmasını və uşaqların özlərinin də cəlb olunması ilə pilləli tədrisin başlanmasını göstərmək olar. Eyni zamanda, Bakı Dövlət Universitetində də ilk dəfə olaraq insan hüquqlarının tədrisinə başlanılmışdır.
Xüsusi diqqət tələb edən hüquqlardan biri də mənzil hüququdur ki, problemin həlli üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruridir. Xüsusi konsepsiyanın və dövlət proqramının hazırlanması və həyata keçirilməsi problemin həllinə  xidmət edərdi. Uzunmüddətli, az faizli və ilkin ödənişsiz ipoteka kreditləri vasitəsilə vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin təkmilləşdirilməsi bir çox ailələrin mənzillə təminatının həllinə kömək edə bilər. Bir çox şikayətlərdə öz əksini tapmış ciddi problemlərdən biri də əhalinin daimi məskunlaşdığı ərazilərdə – Hövsan, Binə, Ramana südçülük sovxozlarında, habelə Bakı şəhərinin “Alatava”, “Zığ”, “Vorovski”, "Xutor”, “NZS”, “Keşlə” kimi massivlərdə tikilmiş evlərin inventarlaşdırılmaması və dövlət qeydiyyatına alınmamasıdır. Bu məsələnin həlli uzun illərdir ki, əziyyət çəkən minlərlə insanın bir sıra hüquqlarının bərpasına və səmərəli təmin edilməsinə imkan yaradardı.
Ötən ilin mühüm hadisələrindən biri də ölkə Prezidentinin müvafiq sərəncamı ilə əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi olmuşdur. Bir sıra şikayətlərin təhlili göstərir ki, mənzil kommunal istismar sahələri rəislərinin və işçilərinin hərəkətləri əhalinin incidilməsinə, yersiz bürokratik əngəllərin törədilməsinə və rüşvət hal-larının genişlənməsinə səbəb olmuşdur. Odur ki, ötən dövrdə mənzil kommunal təsərrüfatı sistemində struktur islahatların aparılması və mənzil-istismar sahələrinin ləğv edilməsi, onların funksiyalarının bələdiyyələrə verilməsi təklif olun-muşdur.
Son illər azad sahibkarlıq hüququnun həyata keçirilməsində də böyük irəliləyiş olmuşdur. Belə ki, müvafiq dövlət proqramlarının və müxtəlif layihələrin həyata keçirilməsi nəticəsində ölkədə 28 minə yaxın yeni müəssisə yaradılmış, 770 min yeni iş yeri açılmışdır. Ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 11 faizə enmişdir və azalma tendensiyası müşahidə olunur. Yalnız 2009-cu ildə “bir pəncərə” sistemi ilə 44 mindən çox vergi ödəyicisi qeydiyyata alınmışdır. Ötən dövrdə müvəkkilin ünvanına daxil olmuş 96 şikayətdə azad sahibkarlıq hüququnun pozulması, o cümlədən kom-pensasiya ödənilmədən, habelə məhkəmə qərarı olmadan tikililərin və ticarət obyektlərinin sökülməsi, nəqliyyat vasitələrinin sənədlərinin alınması kimi hallar öz əksini tapmışdır. Müvafiq tədbirlər nəticəsində bir sıra hallarda belə ərizəçilərin pozulmuş hüquqları bərpa olunmuşdur.
Torpaq islahatından uzun zaman keçməsinə baxmayaraq, hələ də bu sahədə  yol verilmiş pozuntular və nöqsanlarla bağlı şikayətlər daxil olur. Ötən dövrdə aqrar problemlərə, o cümlədən torpaqdan istifadə ilə bağlı  572 şikayət alınmışdır. Araşdırmalar göstərmişdir ki, vətəndaşların narahatlıqlarına səbəb olan bu hallar, əsasən, yerli icra hakimiyyətləri, habelə yerli və rayon aqrar islahat komissiyaları tərəfindən yol verilmiş pozuntular nəticəsində yaranmışdır. Həmin şikayətlərdə torpaqların düzgün bölüşdürülməməsi, təkrar bölüşdürülməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməməsi, yaxud belə aktın dəyişdirilməsi, torpağın sənədlərinin yerinin göstərilməməsi, icarəyə götü-rülmüş torpaqlarda sahibkarlığın həyata keçirilməsinə maneələr yaradılması, dövlət tərəfindən ayrılmış yanacağın fermerlərə vaxtında verilməməsi öz əksini tapmışdır. Bu problemlərlə bağlı şikayətlər üzrə araşdırma işi həyata keçirilmiş, bir sıra hallarda pozulmuş hüquqlar bərpa edilmişdir.
Əhalinin qayğıya daha çox ehtiyacı olan qruplarının  hüquqlarının müdafiəsi ilə bağlı icmalda geniş məlumat verildiyindən və vaxtın azlığından yalnız mühüm anlara diqqətinizi cəlb etmək istərdim. Qaçqın və məcbur köçkünlərin çoxsaylı çadır düşərgələri ləğv olunaraq sakinlər yeni infrastrukturla təmin  olunmuş qəsəbələrə  köçürülmüşdür. Məhkumlarla bağlı 9 amnistiya aktının və 47 əfv fərmanının imzalanması nəticəsində minlərlə insanın, o cümlədən 309 məhkumun müvəkkilin vəsatəti ilə azadlığa çıxması təmin olunmuşdur. Hərbi qulluqçuların sosial hüquqlarının müdafiəsi ilə yanaşı, nizamnamədən kənar münasibətlər, zorakılıq halları nəzərə alınmaqla başqa çatışmazlıqların aradan qaldırılması  məqsədi ilə orduda ictimai nəzarətin  tətbiq edilməsi təklif olunmuş və hazırda müzakirə olunur.
Ölkə Prezidenti tərəfindən 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı ölkənin bütün şəhər və rayonlarında çoxsaylı tədbirlərin keçirilməsi, müvəkkilin ilk ixtisaslaşdırılmış məruzəsinin hazırlanması və Milli Məclisdə dinlənilməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Beləliklə, ötən il   ərzində qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmənin demokratikləşməsi, bürokratik əngəlliklərin aradan qaldırılması istiqamətində müvəkkilin prokurorluq, ədliyyə və dax-ili işlər orqanları ilə müxtəlif rayonlarda keçirdiyi birgə maarifləndirmə tədbirləri həm də dövlət qurumları ilə əməkdaşlığın inkişafında, zorakılıq hallarının aradan qaldırılmasında müsbət nəticələr olmuşdur. Eyni zamanda, fikir, söz və məlumat azadlığı, sərbəst toplaşmaq azadlığı, işgəncə, zorakılıq, pis rəftar, insan alveri və korrupsiyaya qarşı mübarizə, mülkiyyət və sahibkarlıq hüquqlarının müdafiəsi, sosial müavinətlərin təyin və təmin edilməsi, əlillik dərəcəsinin  müəyyən edilməsi, aztəminatlı ailələrin mənzillə təmin edilməsi, hər bir rayonda ödənişsiz hüquq məsləhətxanalarının təşkili, məhkəmələrin, notariusların, vəkillərin işinin təkmilləşdirilməsi, işgəncələr əleyhinə milli pre-ventiv mexanizmin fəaliyyətinin və səmərəliyinin artırılması, orduya ictimai nəzarətin təşkili, demokratik idarəetmənin, mənzil-istismar sahələrinin, rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işinin təkmilləşməsi, uşaq evlərini tərk edən gənclərin, həmçinin cəzaçəkmə  müəssisələrindən çıxan şəxslərin sosial reabilitasiyası,  müxtəlif adlarla fəaliyyət göstərən, ailələrin dağılmasına, narkomaniya və QİÇS-in yayılmasına şərait yaradan və əslində, əxlaqsızlıq yuvaları olan bir sıra ictimai iaşə və əyləncə obyektlərinin qarşısının alınması istiqamətində işlər davam etdirilməlidir. İşgəncələr əleyhinə mill preventiv mexanizm, uşaq hüquqlarının müdafiəsi bölməsinin fəaliyyəti, yüksək az statuslu milli insan hüquqları təsisatı kimi üzərinə yeni məsuliyyətli vəzifələr qoyulmuş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər tələb olunur.  Ümidvaram ki, siz bu təkliflərə dəstək verəcəksiniz.
Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin  310.1-ci maddəsində müvəkkilin qanuni fəaliyyətini məhdudlaşdırmağa və fəaliyyətinə müdaxilə etməyə görə 20 manat-dan 40 manatadək cərimə nəzərdə tutulmuşdur ki, bu da, əslində, təsirli bir vasitə olmadan formal xarakter daşıyır və reallığa  uyğunlaşdırılmalıdır. Məhkəmədənkənar hüquq müdafiə vasitəsi olmaqla yanaşı, vasitəçilik missiyasını yerinə yetirən müvəkkil dövlət idarəçiliyini və demokratik idarəetmənin təkmilləşməsinə, bununla da insan və vətəndaş hüquq və azadlıqlarının inkişafına, habelə qanunun aliliyinin təmin olunmasına, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, həmçinin pozulmuş insan hüquqlarının bərpası ilə bağlı müvəkkilin dövlət orqanlarına ünvanladığı təklif, tövsiyə və rəylər diqqətdən kənarda qalmamalıdır. Əksinə, bunlara hörmətlə yanaşılmalı və təxirə salınmadan tədbirlər görülməlidir.
Həllin gözləyən bir sıra problemləri aradan qaldırmaq üçün böyük potensialımız vardır. Ən əvvəl ölkə Prezidentinin siyasi iradəsi, dövlətin strategiyası, konsepsiyaları, proqramları, eyni zamanda, həm neft, həm də qeyri-neft sektorunda dinamik, yüksək templə inkişaf edən iqtisadiyyatımız vardır. Ünvanımıza deyilən tənqidi fikirləri, habelə tövsiyələri nəzərə almaqla fəaliyyətimizdə olan qüsurları aradan qaldırmaq məqsədi ilə yaxın günlərdə millət vəkilləri, dövlət qurumları, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri ilə  birgə məsləhətləşmələrin keçirilməsini planlaşdırırıq və mən hamınızı dialoqa çağırıram. Hər bir konstruktiv və faydalı tövsiyə fəaliyyətimizin təkmilləşdirilməsi prosesində nəzərə alınacaqdır. İnanıram ki, ilk ombudsman təsisatı olaraq iqtidarlı, müxalifətli əməkdaşlıq çərçivəsində xalqımızın qarşısında duran problemləri tədricən həll etməyə nail olacağıq. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Xahiş edirəm, əyləşin.  Buyurun, yazılın, illik məruzənin müzakirəsinə ba-şlayırıq. Zahid Orucov.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Biz bu məruzən artıq 7 ildir ki, dinləyirik və heç şübhəsiz ki, bunun əsasında ölkədə insan haqlarının ümumi durumu haqqında daha  dəqiq mövqelər formalaşır. Eyni zamanda, bir sıra məsələlərlə bağlı parla-ment üzvlərinin təklifləri, tövsiyələri, fikirləri səslənir ki, düşünürəm, hər növbəti il onların üzərində  hesabat daha da təkmil hazırlanmalıdır. Şübhəsiz ki, biz bu məruzəyə ümumilikdə qiymət veririk. Bunun nəticəsi olaraq nə hər hansı bir qərar formalaşıb  ombudsman təsisatının fəaliyyəti qiymətləndirilir, nə də burada qoyulmuş məsələlərlə bağlı  başqa xarakterli hüquqi nəticələr çıxarılır. O baxımdan ki, sonra hər hansı bir qurumun, instansiyanın fəaliyyətindəki problemlərin nəticəsi olaraq parlament ona bir etimadsızlıq ifadə etmir və sair. Ona görə düşünürəm ki, biz, ümumiyyətlə, bu məsələnin dəqiq  məntiqi nəticəsini tapmalıyıq.
Bu məruzə nəticə etibarilə nəyə xidmət etməlidir? Sadəcə, ümumi dinləmədir və ümumi mövqe formalaşsın? Burada ombudsman təsisatına əlillərlə bağlı monitorinq keçirmək üçün səlahiyyətlərin verilməsi təklifi səslənib. Ümumi fonda bu deyilməyəcəksə, buna qiymət verilməyəcəksə, sadəcə, məruzədə ifadəsini tapmaqla  iş bitmiş sayılmasın. Bu bir mötəbər rəy kimi bizim aləmimizdə digər insan haqlarına yönələn hesabatlarla müqayisə oluna bilər. Mən həmişə  məsələ qaldırmışam ki, bu məruzələr birinci növbədə beynəlxalq qurumlara göndərilməlidir. Çünki, adətən, biz deyirik ki, birtərəfli informasiyalar məqsədli şəkildə ayrı-ayrı siyasiləşmiş, antihakimiyyət  dairələri olan və insan hüquqları mövzusunda ixtisaslaşmış, az qala məhkəmə funk-siyasını mənimsəmiş qurumlardan gedir. Belə olan təqdirdə bu məlumat, mənə elə gəlir ki, daha mötəbər olar.
İndi konkret ayrı-ayrı detallara toxunmaq istəyirəm.  Burada dini məsələlərlə bağlı kifayət qədər mühüm müddəalar yer alıbdır. Ombudsman təsisatı özünün ən mühüm silahından, ən mühüm gücündən istifadə etməlidir. Bu qurumun başqa bir mənada bir silahı yoxdur, ən mühüm gücü bunun üzərində qurulub ki, ictimai məzəmmət, ictimai fikrin formalaşması, ictimai qınaq vasitəsi ilə öz işini həyata keçirə bilsin. Mən düşünürəm ki, dini islahatların getməsində ombudsman təsisatının çox böyük rolu ola bilər. Əslində, baxın, son dövrlərdə ayrı-ayrı məscidlərlə bağlı problemi bir az da siyasiləşdirərək dini mövzunu hakimiyyətin əleyhinə çevirmək istəyirdilər. Siyasi müxalifət zəif olduğundan istəyirdilər ki, dindən bir müxalifət formalaşdırsınlar. Bu sahədə xeyli addımlar atıldı. Bu məsələ ilə bağlı müəyyən fikirlər burada da əksini tapıb. Mən düşünürəm ki, dini sferada müxtəlif islahatlar həyata keçirmək üçün ombudsman özünün səlahiyyətlərindən istifadə etməlidir. Bu da ictimai ənənələr, ictimai rituallar və müxtəlif məsələlərə yönəlmiş mövqedir. Düşünürəm ki,  bu çox faydalı olardı.
İkinci, burada insan haqları ilə bağlı məsələlər öz əksini tapıb. Bir neçə həbsxanadakı durum, o cümlədən konkret şəxslərin  ziyarət olunması və onların vəziyyəti ilə bağlı fikirlər yer alıb. Açığını desəm, mən bunu birmənalı olaraq  mənfi qarşılayıram, çünki Azərbaycanda cinayət törətdiyinə görə müxtəlif  məsuliyyətə cəlb olunan insanların hamısı eyni hüququn daşıyıcılarıdır. Məsələn, burada Eynulla Fətullayevin, yaxud da başqalarının adlarının bu şəkildə qabardılması öz-özlüyündə “Azərbaycanda insan haqlarının diaqnozu 3–4 nəfərin hüququ üzərində qoyulur” kim bir nəticə doğurur. Sanki bu ölkənin problemi yalnız bu imiş. Bu, məhbusları da  fərqləndirir, onların arasında qeyri-bərabərlik yaradır.  Həmkarım Siyavuş Novruzovun sözləri ilə desək, bu, beynəlxalq  qüvvələrin də bu mövzunu daha çox qabartmasına səbəb olur. Ona görə də birmənalı şəkildə belə hesabatlarda əgər konkret qurumların, konkret şəxslərin adları olacaqsa, – həm də olmalıdır, –  bunu qəbul etmək gərəkdir. Amma məhbusun adıdırsa, onda minlərcə məhbus var. Belə çıxmasın ki, bunlar bu qədər nailiyyət qazanıblar ki, adları bu cür hesabatlara daxil edilir. Bu məsələyə bizim köklü münasibətimiz ondan ibarətdir ki, Allah hamısının qapısını açsın deyirik, amma bu şəkildə onların adlarının qabardılmasını da yanlış sayırıq.
Burada məhkəmə qurumları ilə ombudsman təsisatının münasibətlərindən bəhs olunur. Konkret olaraq burada əksini tapıb ki, məhkəmə qurumlarına  hər hansı bir müdaxilə  onların səlahiyyələri sırasında deyil. Amma etiraf etmək lazımdır ki, ayrı-ayrı məhkəmə qurumlarının çıxardığı qərarların nəticəsi olaraq bəzən insan haqları məsələsində bizim üzərimizə tənqidlər gəlir. Məhz hakimlərin fəaliyyətindən parlament üzvlərinə, digər dövlət qurumlarına müraciətlər edilir. Ədaləti təmin etməli orqanın özü onu pozanda belə məsələlər meydana çıxır. Düşünürəm ki,  Məhkəmə-Hüquq Şurası bu istiqamətdə çox mühüm addım-lar atır. Eyni zamanda, ombudsman da ayrı-ayrı şəxslərin ictimai rəydə çox mənfi olan imicini belə sənədlərdə qabartmalıdır ki, bu vasitə ilə biz onların fəaliyyətinə təsir göstərmiş olaq. Əlbəttə ki, hakimiyyət qollarının hər biri müstəqildir, amma bizim, heç olmasa, yeganə olaraq bu vasitə ilə təsir etməyimizə gərək ombudsman geniş meydan vermiş olsun.
Burada təhsil hüququ ilə bağlı məsələlərə toxunuldu. Mən düşünürəm ki,  orta məktəblərdəki vəziyyət burada da müəyyən mənada öz əksini tapıbdır. Xeyli dərəcədə acınacaqlı olan durumlar var, bunu inkar etmək mümkün deyil. Biz bəzən fərdi təhlükəsizliyi qoruyaraq ümummilli təhlükəsizliyə zərbə vurmuş oluruq. Onlarca məktəbin acı-nacaqlı durumu, oradakı problemlər, baş verən özbaşı-nalıqlar, rüşvət halları bu sənədlərdə ümumi sözlərlə yox, konkret formada ifadəsini tapa bilər. Necə ki, cəmiyyətdə də bu, dəfələrlə deyilib. Müxtəlif yerlərdə sınaq imtahanları adı altında yığılan vəsaitlərdən tutmuş daha başqa problemlərlə hər birimiz qarşılaşırıq. Amma bu niyə məruzədə özünü göstərməsin? Bu, bütövlükdə təhsilin vəziyyətinə qiymət vermək deyil ki.
Bütövlükdə götürdükdə, bir daha təkrar edirəm, bu sənədlər vasitəsilə biz ölkədə insan haqlarına yönəlmiş ümumi siyasəti qiymətləndiririk. İnkar olunmazdır ki, Azərbaycan dövləti öz vətəndaşlarının müxtəlif  sahələrlə bağlı haqlarını qorumaq üçün ən mühüm tədbirlər həyata keçirir. İctimai qurumların, təsisatların da vəzifəsidir ki, vətəndaşların haqlarının qorunmasında dövlətin yürütdüyü siyasətin daha ünvanlı, daha məqsədyönlü olmasını təmin etmiş olsunlar. Hesab edirəm ki, bu dövr ərzində xeyli işlər görülüb və mən bu məruzənin qəbul olunmasına səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun, Ziyafət müəllim. Mən ombudsmanın 2008-ci ildə illik məruzəsi vaxtı çıxış etdim və müəyyən arzularımı bildirdim. Bu arzularım ancaq xey-irxah niyyətdən idi.  Xatırlayırsınızsa, bildirdim ki, insan hüquqları fərdi hüquqdur, kollektiv hüquq deyil. Bu hüqu-qlar fərdlə hakimiyyət arasındakı münasibətləri nizama salır, dövlətlərarası münasibətləri nizama salmır. Ancaq Elmira xanımın hesabatından belə çıxır ki, bu, kollektiv hüquqdur, dövlətlərarası münasibətləri nizama salır. Elmira xanım he-sabatında göstərirdi ki, Moskvaya gedib, hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşüb və Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə edib. Bu, əlbəttə, El-mira xanımın işi deyildi. Mən çox şadam ki, bugünkü məruzəsində bu yoxdur, yəni buna dövlətlərarası münasibətlər kimi baxmır. Ancaq çox təəssüf edirəm ki, Elmira xanım yenə insan hüquqlarını kollektiv hüquq hesab edir. Burada savadlı hüquqşünaslarımız var, istərdim, onlar da bu məsələyə qarışsınlar. Çünki belə yanaşma, ümumiyyətlə, məsələnin ancaq mənfi həllinə gətirib çıxara bilər. Bu, fərdi hüquqdur, konkret fərdin hüququ müdafiə olunmalıdır, qa-çqının, köçkünün, ahılın, cavanın, qadının, uşağın yox. Belə yanaşma ola bilməz. İstərdim ki, Elmira xanım gələcək fəaliyyətində bunu nəzərə alsın.
İkinci bir məsələ haqqında danışmaq istəyirəm. Elmira xanımın məruzəsindən görünür ki, Diffamasiya haqqında qanunun qəbulunun tərəfdarıdır. Mən başa düşürəm ki, axına qarşı gedirəm, ancaq elə hesab edirəm ki, mövqeyim düzgündür, ona görə bunu sizə çatdırmaq istəyirəm. Məhz El-mira xanım bir ombudsman, insan haqlarının müdafiəçisi kimi Diffamasiya haqqında qanunun  əleyhinə çıxmalıdır. Nəyə görə?  Ona görə ki, “İnsan haqları haqqında” Qanunun əsasını, onun  fəlsəfəsini insanın ləyaqəti təşkil edir. Dif-famasiya haqqında qanun qəbul etmək isə insanın ləyaqətini müdafiəsiz qoyur. Biz indi hər gün oxuyuruq ki, nə qədər ağır nəqliyyat hadisələri baş verir, insan itkiləri olur. Bu o deməkdirmi ki, biz bu hadisələrin qarşısını almaqdan ötrü maşınları ləğv etməliyik? Biz çalışmalıyıq ki, böhtan və təhqir insani münasibətlərdən çıxarılsın,  Cinayət Məcəlləsindən müəyyən maddə çıxarılmasın. Bir də onu nəzərə almaq lazımdır ki, insanın iki qiyməti var. Birinci, insan ol-maq amili ilə bağlı  onun mütləq qiyməti və bununla əlaqədar olaraq da çox yüksək qiymətli nemətləri var:  həyatı, səhhəti, şərəfi, ləyaqəti, azadlığı. Bir də, onun  hüquq statu-sundan əvvəl cəmiyyətdə fəaliyyəti ilə bağlı olaraq nisbi qiyməti, yən seçki, əmlak və sair hüquqları var. İnsanın mütləq qiyməti ilə bağlı olan nemətləri nisbi qiyməti ilə bağlı olan nemətlərdən daha ciddi qorunmalıdır. Odur ki, hesab edirəm, ombudsman gələcək fəaliyyətində bunu nəzərə almalıdır.
Mən gördüm, Elmira xanım çox vicdanlı olaraq bütün məruzəsini oxudu, qeyd etdi ki, prokurorluq və başqa hüquq mühafizə orqanlarında nə qədər insan cəzalanıb, işdən qovulub. Mən hesab edirəm ki, ombudsmanın hesabatı üçün bu lazım deyil. Hansı  orqanın işçiləri ombudsmanın təşəbbüsü ilə  məhz insan hüquqlarını pozduqlarına görə cəzalanıblarsa,  hesabatda o öz əksini tapmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İlyas müəllim, təşəkkür edirəm. Doğrudan da, çox maraqlı bir məsələyə toxundunuz. Bununla əlaqədar burada  dəfələrlə fikirlər səslənib, şəxsən mən də öz fikrimi bildirmişəm. İlyas müəllim, Siz ümumi axının  əksinə get-mirsiniz. Siz, əksinə, diffamasiya ilə bağlı camaatın tam əksəriyyətinin fikrini ifadə edirsiniz. Mən də hesab edirəm ki, hər bir şəxsin şərəfi, ləyaqəti hər şeydən üstündür.
İndi heç bu diffamasiyanın mahiyyətini bilməyən bəzi adamlar ümumi axına qoşulublar və deyirlər ki, biz bunu qəbul eləyək. Bəziləri ilə söhbət eləyəndə deyirəm ki, axı, bu qanun qəbul olunandan,  təhqirə,  böhtana görə məsuliyyət ortadan qaldırılandan sonra sənin özün də zərbə altında qala bilərsən, sən bu işin fərqindəsənmi? Deyir ki, demok-ratik imic yaratmaq üçün bunu deməliyik də, bizim işimiz budur.
Bilirsiniz, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Doğrudan da bu, ciddi məsələdir. Qoy bu məsələni bizə sırımaq istəyənlər birinci öz ölkələrində,  –  eşitdiyimə görə bu, bir-iki ölkədə var, amma Avropa Birliyinə daxil olan ölkələrin tam əksəriyyətində  yoxdur, – bunu sınaqdan  keçirsinlər. Baxaq görək, orada necədir, sonra bizə bu məsləhəti verərlər. Amma Azərbaycanı bu məsələdə poliqo-na çevirmək lazım deyil.  Azərbaycanda bu çox ciddi məsələdir. Özü də nəzərə alaq ki, xalqın dinində də, mentalitetində də şərəf, ləyaqət, namus, qeyrət – hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə bu cür qanun qəbul edib cəmiyyətdə xaos yaratmaq, camaatı bir-birinin üzünə qoymaq, hesab edirəm ki, tamamilə yersiz  məsələdir. İlyas müəllim, mən bu məsələdə Sizi tamamilə dəstəkləyirəm. Fa-zil Mustafa. 
F.Mustafa. Təşəkkür edirəm. Ziyafət müəllim, mən də hesab edirəm ki, indiki Azərbaycan reallığında ombudsmanın fəaliyyəti kifayət qədər normal nəzərə çarpır. Biz həm də millət vəkili olaraq  əhalinin, ayrı-ayrı vətəndaşların elementar sosial hüquqlarının həyata keçirilməsinin təmin edilməsi istiqamətində nə qədər çətinlik çəkdiyimizi bilirik. Ombudsmanın da hansı çətinliklərlə qarşılaşdığı bəllidir. Ona görə bu istiqamətdə görülən azacıq  işlər belə varsa, bu, təqdirlə qarşılanmalıdır.
Amma məruzə ilə bağlı mən bir məsələni qeyd etmək istəyirəm. Təbii ki, məruzə çox əhatəli hazırlanıb. Burada qısa icmaldan söhbət gedirsə, mən xahiş edərdim, Elmira xanım, gələcəkdə bu məruzənin strukturuna bir daha fərqli formada yanaşılsın. Hökumətin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, ayrı-ayrı strukturların gördüyü işləri bu-rada sadalamağa ehtiyac yoxdur. Mən də o fikirdəyəm ki, daha çox ombudsmanın təklifləri, şikayətləri, müraciətləri əsasında baxılan məsələlər burada öz əksini tapsın və daha qısa,  icmal xarakterli bir sənəd təqdim olunsun. Bu daha vacibdir.
Bir də, bir sıra sahələr var ki, məncə, onlara daha tənqidi yanaşılması olduqca vacibdir. Mən xüsusilə hansı sahəni nəzərdə tuturam? Məsələn, qısa icmalda nəzərdə tutulur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 227 şikayətdə ərizəçilər onlara təyin olunan ünvanlı sosial yar-dımı ala bilməyiblər. Yaxud da kartlarında olan vəsaitlər başqaları tərəfindən götürülüb. 4 ay keçəndən sonra həmin kartlar sahiblərinə qaytarılıb. Bunu da sadə bir vəziyyət kimi qiymətləndirərək həmin nazirliklərə  yerlərdə mövcud sahəyə nəzarətin gücləndirilməsi tələb olunur. Hörmətli El-mira xanım, bu artıq cinayətdir və bu cinayət haqqında da Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb. Bir ilin 6 ayının pulunun mənimsənilməsi məsələsi hamıya bəllidir. Yuxarıdan tapşırıq verilməsə, aşağıda hansı məmurun cürəti çatar ki, yetimin, ünvanlı sosial yardıma ehtiyacı olan adamın pu-lunu mənimsəsin? Bu artıq Azərbaycan cəmiyyətində hamı tərəfindən bilinən məsələlərdir. Müəyyən təbəqədən olan insanların hüququnu qorumaq mümkün olmursa, heç ol-masa, kimsəsiz, imkansız insanların çörək puluna uzanan əllərin kəsilməsi istiqamətində addımlar atmaq lazımdır.
Burada  şəhid ailələri,  əlillərlə, onların sosial hüquqları ilə bağlı məsələlər qeyd olunub. Mənə xeyli müraciətlər olub, çox xahiş edərdim, bunu deputat sorğusu kimi qəbul eləyin. Çox maraqlı müraciətlər olur. Bildiyimiz kimi, itkin düşmüş şəxslərin ailələri üçün bizdə sığorta məbləği 1100 manat müəyyən olunmuşdu. Biz bunu artırdıq və bu rəqəm  11 min manata çıxdı. Yəni dövlət əlindən gələni edir ki, it-kin düşmüş şəxsin ailəsi, heç olmasa, təsəlli olaraq 11 min manat ala bilsin. Praktikada nə baş verir? Praktikada Dövlət Sosial Sığorta Kommersiya Şirkəti tərəfindən görün  məsələ necə həll edilir? Bilgisiz, maarifçiliyi aşağı olan adamlara 1100 manata qol çəkdirilir, sonradan onun üzərinə sıfır ar-tırılır. 9900 manat mənimsənilir.
Yaxud da kimsə öz hüququnu qorumaq üçün müraciət eləyir ki, mən itkin düşmüş şəxsin ailəsiyəm. Bir çox hal-larda bununla bağlı çoxlu müraciət var. Məhkəmələrdə də bu məsələlərin bir neçəsinə baxılır. Deməli, məhkəmə yolu ilə həll eləməmək üçün 11 min manat vəsaitin yarısından vaz keçməlisən. Mən başa düşürəm, cəmiyyətdə müəyyən səviyyədə rüşvətin olması labüddür. Bütün cəmiyyətlərdə var, Avropada da, Azərbaycanda da rüşvət var və bu hamının etiraf elədiyi məsələdir. Amma elə təbəqələr var ki, onlardan bu pulun alınması ən azı haramdır. Adamın övladı itkin düşüb,  sıxıntısı, problemi var.  Bu vəsaiti dövlət ayırıb. Pul qazanmaq üçün müxtəlif yerlər, müxtəlif vasitələr var. Bu vəsait bir az baş işlədib  başqa yerdən qazanmaq olar. Amma bunu itkin düşən adamın süfrəsindən, büdcəsindən götürmək, həqiqətən də, cinayətdir, bu məsələyə baxıl-malıdır.
Sonra, mən istərdim, hörmətli Elmira xanım itkin düşmüş şəxslərlə bağlı qanunun qəbul edilməsi istiqamətində  təkliflə  çıxış eləsin, biz də deputat olaraq bu məsələni qaldıraq. Çünki biz  artıq deputat kimi qanun layihəsi verməkdən çəkinirik. Nə qədər qanun layihəsi veririksə, çox təəssüf ki, onlar Milli Məclisdə müzakirəyə çıxarılmır. Heç komitənin müzakirəsinə çıxarılmır ki, heç olmasa, “sənin  hüquqi bili-yin bir az zəifdir, yaxşı qanun hazırlamamısan, ona görə bunu müzakirəyə çıxarmırıq” fikrini eşidək. Ona görə om-budsman tərəfindən itkin düşmüş şəxslərin hüquqlarının qorunması ilə bağlı belə bir qanun layihəsinin verilməsi va-cibdir.
Sonra, itkin düşmüş şəxslərlə bağlı digər bir məsələni qeyd etmək istəyirəm. Çox böyük bir faciədir, insanın övladı Qarabağ savaşında yoxa çıxıb, məhkəmə qərarı ilə təsdiq olunub ki, itkin düşüb. Onun qəbiri yoxdur. Dövlət tərəfindən müəyyən bir yerdə onların adları qeyd olunan bir lövhənin qoyulması, heç olmasa, valideynlərə təsəlli üçün bir yerin ziyarət edilməsi variantı düşünülməlidir. Bu, oldu-qca vacibdir. Başqa ölkələrdə bu təcrübə var və bunu həyata keçirmək, məncə,  yerində olar.
Mən hesab edirəm ki, bütün bunlara baxmayaraq, ümumiyyətlə, Azərbaycanda ombudsman institutu kifayət qədər inkişaf edib və kifayət qədər  gücə malikdir. Xatırlayırsınızsa, Milli Məclisdə mətbuat məsələləri ilə bağlı om-budsman institutu təsis olundu. Biz hamımız buna səs ver-dik. 5 il keçib, amma  hələ  ombudsman təyin olunmayıb. Ümumiyyətlə, bu, deyəsən, MSK məsələsinə bənzər bir şey-dir. 18 yer müəyyən olunub, amma 15-i təyin olunur. Mətbuat üzrə ombudsman müəyyən olunub, təyin olunmur. Hərbi məsələlər üzrə də ombudsman olmalıdır. Mədəni, de-mokratik ölkələrdə bunlar var. Demək istədiyim odur ki, bir ombudsmanın bütün sahələrə nüfuz eləməsi olduqca çətindir. Məmurlar tərəfindən insan hüquqlarının pozulması istiqamətində çox sayda faktlar var ki, bunun qarşısını almaq üçün müxtəlif sahələrdə ombudsmanların fəaliyyətinə ehti-yac var. Hesab edirəm ki, bu məsələ ətrafında da düşünməyimiz vacibdir. Ümumiyyətlə, mən bu məruzəni qənaətbəxş hesab edirəm, amma növbəti məruzələr daha qısa, icmal xarakterli olmalıdır, bir az hökumətin hesabatına bənzəməməlidir. Burada görülən işlərin hamısını sadalamağa ehtiyac yoxdur. Sadəcə, ombudsmanın  təşəbbüsü ilə kim işdən çıxarılıbsa, neçə nəfər işə bərpa olunubsa, yaxud hansı məsələlər məhkəmədə iddia olaraq qaldırılıbsa, həllini tapıbsa, bunların diqqətə çatdırılması daha məqsədəuyğun olar. Diqqətinizə görə təşəkkür edirəm.    
Sədrlik edən. Sağ olun, Fazil bəy. Mən də, hörmətli deputatlar, sizdən xahiş edirəm, illik məruzəyə hökumətin hesabatı kimi yanaşmayın. Qısa,  konkret, mahiyyəti üzrə danışın. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri,  biz bu yaxınlarda hörmətli Elmira Süleymanovaya yenidən səs verdik. Onun ötən fəaliyyətini müsbət qiymətləndirdik və düşündük ki, Elmira xanım qazanmış olduğu təcrübə ilə növbəti zaman kəsiyində, ona verilmiş səlahiyyət müddətində öz işini daha yüksək səviyyədə quracaqdır. Düşünürəm ki, millət vəkillərinin əksəriyyəti bu təəssüratla yaşayır. Burada deyilən sözlər də, yəqin ki, Elmira xanım tərəfindən normal qəbul olunacaq və tənqidi fikirlərə səmimi münasibət ifadə ediləcək. Bu baxımdan mən də  fikirlərimi konkret şəkildə tənqidi məqamlar üzərində qurmaq istərdim.
Hesabatla tanış olanda bəlli olur ki, burada ombudsmanın ona verilmiş olan səlahiyyətlər çərçivəsində fəaliyyətindən daha çox ayrı-ayrı sahələrlə bağlı xatırlamalar var, ayrı-ayrı dövlət orqanlarının, qurumlarının həyata keçirmiş olduğu işlər var və bu işlərin fonunda ona edilmiş müraciətlərin epi-zodik şəkildə bir statistikası var, lakin konkret nəticələr yox-dur. Çox arzulayardım ki, hörmətli millət vəkillərinin dediyi kimi, burada  insan hüquq və azadlıqlarının bütün sahələri ilə bağlı edilmiş  müraciətlər  və edilməmiş  müraciətlər əksini tapsın. Yəni ombudsmanın özünün təşəbbüsü ilə bu və ya digər sahələrdə aşkarlanma faktlarının üzə çıxarılmasına münasibətin ifadə olunması, məncə, prosesin gedişinə müsbət təsir göstərərdi və bu, fəaliyyətin çox orijinal bir tərəfi olardı.  Təəssüf ki, hesabatda bunlar görünmür və görünmürsə, deməli, olmayıb.
İkinci bir məsələ. Şərəf və ləyaqətin müdafiəsi hüququ adı altında insanların şərəf və ləyaqətini təhqir etməkdən çəkinməyən və hətta zorakılıq faktlarına görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilən və məhkumluq həyatı yaşayan Nazim Quliyevin adı nədən bu hesabatda öz əksini tapır? Niyə? Burada İlyas müəllim çox düzgün söylədi,  Ziyafət müəllim, Siz də  buna çox doğru olaraq münasibət bildirdiniz. Diffamasiya haqqında qanuna özünün rəğbətini ifadə eləyir. Nə üçün, başa düşülmür. Elmira xanım bunu ona görə edir ki, Azərbaycana bu qanunu sırımağa çalışan dövlətlərin və ya təşkilatların xoşunamı gəlsin? Burada  məntiq haradadır? Nədən bu edilir?  Nədən burada in-sanların şərəfini, ləyaqətini sağa-sola baxmadan təhqir edən Nazim Quliyevin adı çəkilir? Eyni şəkildə Eynulla Fətullayevin burada adı çəkilir. Niyə? Mən sual verirəm, ca-vab versin. Niyə bunlar edilir, lakin  ailə namusu və şərəfi üstündə həbsxanada yatan insanın birinin müraciətinə əhəmiyyət verilmir. O da insandır. O, ailəsinin şərəf və ləyaqətini qorumaq üstündə cinayətə əl atıb. Bəli, haqlı olaraq cinayət məsuliyyətinə cəlb olunub və indi məhkumluq həyatını yaşayır. Niyə bunun müraciətinə əhəmiyyət verilmir və o hesabata salınmır?
Yaxud da ayrı-ayrı qadınlar var ki, bu və ya digər səbəblərə görə məhkumluq həyatı yaşayırlar. Elmira xanım qadın ola-ola bir nəfər də olsun qadın məhkumun adı niyə burada ifadə olunmur? Bu suallar məni düşündürür. Düşünürəm ki, millət vəkillərinin əksəriyyətini də düşündü-rür. Bu, vacib məsələdir və ombudsman belə işləməlidir. Biz Elmira xanımdan bunu gözləyirik. Elmira xanıma mənim çox böyük hörmətim var, özü də bilir. Hörmət öz yerində, lakin üzərinə qoyulan vəzifəni ombudsman institutu ona vermiş olan səlahiyyət çərçivəsində hökmən yerinə yetirməlidir.
Nəhayət, məruzəyə qaçqınlarla bağlı balaca, bir səhifənin həcmindən də az məlumat salınıb. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi. Məgər Azərbaycanda bundan da böyük bir problem yaşayırıqmı? Yaşamırıq. Mənə elə gəlir ki, ombudsmanın bütün fəaliyyəti, əslində, bunun üzərinə yönəlməlidir. Lakin nə edirlər? Sadəcə ola-raq, heç bir təsir imkanına malik olmayan universal metod-dan istifadə edirlər. Yəni bəyanatlar imzalayırlar və onu da ayrı-ayrı beynəlxalq təşkilatlara göndərirlər. Nə olsun? Nəticə varmı? Olmazmı ki, ayrı-ayrı dövlətlərin ombudsman institutlarının  təmsilçilərinin iştirakı ilə Azərbaycanda məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar keçirilsin və Azərbaycanın bu problemi onların vasitəsilə dünya miqyasına çıxarılsın? Niyə bunlar edilmir? Nədir buna mane olan? Bu suallar məni kifayət qədər düşündürür və mən çox istərdim ki, Elmira xanım mənim  suallarıma cavab versin. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, biz hörmətli Elmira xanımın məruzəsini dinlədik. Eyni zamanda, ombudsmanın məruzəsi yazılı şəkildə bizə təqdim edilib. Ona görə də bu məsələ ətrafında çox geniş danışmağa ehtiyac duymuram. Mən təqdim olunan məruzəni müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası, vaxtilə qəbul etdiyimiz Konstitusiya qanunu çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili ötən il ərzində üzərinə düşən funksiyanı yerinə yetirib və in-san hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərib. Bu məruzədə də həmin fəaliyyət barədə bizə yığcam şəkildə məlumatlar təqdim olunub. Ombudsman institutu Konstitusiya qanunu ilə tənzimlənir və həmin qanunla verilən  səlahiyyətlər çərçivəsində də işlər həyata keçirilir.
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, təmin edilməsi Azərbaycan Konstitusiyası ilə həyata keçirilir. Konstitusiyamızda nəzərdə tutulan insan hüquq və azadlıqları ilə bağlı məsələlər illik məruzədə fəsillər üzrə verilib. Bir məsələ diqqəti cəlb edir. Ötən il ərzində müxtəlif vətəndaşlardan 8800 müraciət daxil olub. Bunların hamısı araşdırılıb. Məndən əvvəl çıxış edən həmkarlarım da qeyd etdilər. Amma nədənsə bəzi müraciət edənlərin şəxsiyyəti və işləri bu məruzədə xüsusiləşdirilib. Əlbəttə, gələcəkdə məruzə təqdim edilərkən, bu, nəzərə alınmalıdır. Bizim üçün Azərbaycan vətəndaşlarının hamısı eynidir və Azərbaycan Respublikası məhkəmələri tərəfindən bu və ya digər cinayət əməllərinə görə məhkum edilən şəxslərə də münasibət eyni olmalıdır. Hər hansı bir müraciət daxil olursa, həmin müraciət araşdırılarkən müraciət edən şəxsin hansı vəzifə daşıması və ya hansı peşəyə mənsub ol-ması nəzərə alınmamalıdır. Vətəndaşların hamısına eyni şəkildə yanaşılmalıdır. Ayrı-ayrı müraciət edənlərin və ya heç müraciət etməyərək mətbuatda bu və ya digər formada adları çəkilən şəxslərin məxsusi olaraq məruzəyə daxil edilməsi, əlbəttə, hesab edirəm ki, məntiqlə uyğun gəlmir. Bunların xüsusiləşdirilməs nəticə etibarilə digər müraciət edənlərlə həmin  şəxslər arasında fərqin yaranmasına gətirib çıxarır. Ona görə də gələcəkdə mən bunun nəzərə alınmasını xahiş edərdim.
Digər məsələlərə gəldikdə, demək istərdim, məruzənin Azərbaycan  ombudsmanının xarici beynəlxalq təşkilatlarla əlaqələri ilə bağlı bölməs sübut edir ki, ötən il ərzində bu istiqamətdə də mühüm işlər görülüb. Xüsusən Azərbaycanın təcavüzə  və işğala məruz qalması nəticəsində  məcburi köçkünlərin hüquqlarının qorunması məsələsi müxtəlif beynəlxalq təşkilatlarda qaldırılıb. İnsan hüquqları içərisində ən önəmli hüquqlardan biri insanın yaşamaq və şəxsi mülkiyyətinin qorunması hüququdur. Biz müşahidə edirik ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin iştirak etdiyi beynəlxalq təşkilatlarda bu məsələlər vaxtaşırı olaraq qaldırılır. Bu məsələlərin qaldırılması, xüsusilə Xocalı faciəsi ilə əlaqədar faktların bir daha dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Mən bunları müsbət qiymətləndirirəm.
Ümumilikdə məruzəni müsbət dəyərləndirərək mən bu məsələyə parlament tərəfindən müsbət səs verilməsini məqbul sayıram və həmkarlarımı da buna dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Mübariz müəllim, çox sağ olun, çox yaxşı nümunə göstərdiniz, qısa,  konkret danışdınız. Cəmil Həsənli.
C.Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün insan hüquqları ilə bağlı Azərbaycanda artıq 7 ildir ki, fəaliyyət göstərən bir təsisatın – İnsan hüquqları üzrə müvəkkilin ötən il üçün, yaxud  son bir ildəki fəaliyyətini müzakirə edirik. Mən həm Elmira xanımın məruzəsinin yazılı mətni ilə tanış oldum, həm də bu gün burada onun məruzəsini dinlədim. Qeyd etməliyəm ki,  bu bir il ərzində İnsan hüquqları üzrə müvəkkil xeyl iş görübdür. Bunu qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında müəyyən təşkilatlar,  nazirliklər  insan hüquqlarına münasibətdə bir qədər kobud davranırlar,  ölkəmizdə  jurnalistlərlə bağlı müəyyən  problemlər var. Bütün bunları nəzərə alsaq, məruzədə ombudsmana müraciət etmiş vətəndaşların müraciətlərinə müsbət yanaşılması, onların dəyərləndirilməsi, müxtəlif hökumət orqanları qarşısında hüquqları pozulmuş hesab edilən vətəndaşların müraciətlərinə münasibət bildirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bu baxımdan mən məruzəni müsbət qiymətləndirirəm, ona səs verəcəyəm. Ancaq bununla yanaşı, məruzə ilə bağlı bir-iki mülahizəmi də bildirmək istəyirəm.
Mənə elə gəlir ki, Azərbaycan Respublikası qaçqınlar ölkəsi olduğu üçün ilk növbədə bizim qaçqın vətəndaşlarımızın hüquqları ombudsman institutu tərəfindən beynəlxalq təşkilatlar qarşısında daha ətraflı,  ciddi qaldırılmalıdır. Ölkəmizdə 1 milyona yaxın qaçqın var və bu baxımdan  Azərbaycan hüquqları pozulanlar ölkəsidir. Respublikamızın bü-tün dövlət orqanlarının, o cümlədən qeyri-hökumət orqanı kimi ombudsman institutunun da bundan sonrakı fəaliyyətində qaçqınlarımızın hüquqlarının müdafiə edilməsi, onların haqlarının qorunması, qaçqın düşdükləri ərazilərə qaytarılması istiqamətində ümid edirəm ki, bundan sonra ombudsman institutunun fəaliyyəti daha fəal olacaqdır.
İkinci, mən jurnalistlərlə bağlı məsələyə toxunmaq istəyirəm. Təəccüblüdür ki, burada bəzi deputatlarımız ya açıq və  ya üstüörtülü mətnlə Elmira xanımın hesabatında jurnalistlər bölməsinin daha qabarıq verilməsi və onların ad-familiyalarının göstərilməsini bir irad kimi qeyd edirlər. Mən hesab edirəm ki, bu belə deyil. Elmira xanım məsələni düz qoyub. Jurnalistlər, nəzərə almaq lazımdır ki, azad sözün daşıyıcısıdırlar. Əlbəttə, söhbət böhtandan, təhqirdən, vətəndaşın şəxsi həyatına müdaxilədən getmir. Amma azad sözün daşıyıcıları olan jurnalistlərin  həbsə alınması ilə bağlı ombudsman  tərəfindən müxtəlif dövlət orqanları qarşısında onların hüquqlarının müdafiəs məsələlərinin qaldırılmasını mən müsbət hesab edirəm. Vurğulamaq istəyirəm ki, bu gün həbsdə olan jurnalistlər azad edilməlidirlər. Onların həbsdə qalması Azərbaycana daha böyük ziyan gətirir,  onlar həbsdən azad edilib öz peşə fəaliyyətlərini davam etdirməlidirlər. Mən burada Eynulla Fətullayevin, Adnan Hacızadənin və Emin Millinin adını çəkmək istəyirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra da ombudsman həmin istiqamətdə fəaliyyətini daha da gücləndirəcək.
Toxunmaq istədiyim digər məsələ sosial yardımlarla bağlıdır. Fazil bəy də öz çıxışında bu məsələyə toxundu. Elmira xanım, bizim yüzlərlə vətəndaşımız var ki, sosial yardım almağa potensial namizəd olduqları halda müəyyən səbəblər ucbatından bu sosial yardımları ala bilmirlər. Xahiş edirəm, vətəndaşlarımızın bu istiqamətdə ərizə və müraciətlərinə bundan sonra diqqətlə yanaşasınız.
Toxunmaq istədiyim bir məsələ də ayrı-ayrı iş adamlarından aldığımız müraciətlərlə bağlıdır. İş elə gətirib ki, mən bundan əvvəlki çıxışlarımda da bu məsələyə toxunmuşam. Bir sıra dövlət orqanları, xüsusilə Vergilər Nazirliyi, sadəcə olaraq, vergi yox, xərac yığmaqla  məşğul olur. İlin müxtəlif fəsillərində, xüsusilə kvartallarda, ilin yekununda bu idarənin işçiləri biznes strukturlarının üzərinə düşərək onlardan  qanunsuz ödənişlər tələb edirlər. Təəssüflər olsun ki, bu, kütləvi, istisnasız xarakter daşıyır, bir qayda olaraq heç bir qanuna söykənmir.
Ən nəhayət, sonuncu məsələ kimi bu günlərdə mətbuatda diqqətimizi cəlb edən bir məsələyə toxunmaq istəyirəm. Bu bir tərəfdən  mədəniyyət məsələsidir, eyni zamanda, biznes məsələsi ilə bağlıdır. Təsəvvür edin ki, Elmira xanım, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublika Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib, Bakı şəhərində tikilmək üçün Kino evinin  layihəsini bəyənib, bu barədə xüsusi bir sərəncam da verib. Həmin sərəncama uyğun olaraq Kino evinin Bayılda tikilməsi ilə bağlı ərazi ayrılıb. İki ilə yaxındır ki, orada  milyonlarla pul xərclənib iş görülmüşdür. İndi həmin məntəqəyə, yarımçıq tikiliyə polis orqanlarının işçilərini göndərib, bildiriblər ki, burada neft quyuları qazılacaq, ona görə burada tikinti aparıla bilməz. Əvvəla, burada neft quyuları qazılacaqdısa, niyə Rüstəm İbrahimbəyova, Kinematoqrafçılar İttifaqının sədrinə bu ərazi ayrılıb? Ərazi ayrılarkən  dəqiqləşdirilməli idi ki, burada quyu qazılacaq, ya qazılmayacaq?
İkinci tərəfdən, biz elə gözümüzü açandan  neft ölkəsində yaşayırıq. Dağın başında nə vaxtdan neft quyuları qazmağa başlayıblar? Üçüncü  tərəfdən, Kinematoqrafçılar İttifaqı bu-raya külli miqdarda vəsait qoyub,  şəxsi biznesin külli miqdarda vəsaiti bu tikintidə xərclənibdir. Belə bir şəraitdə buraya polis tərəfindən hücum edilməsi, orada işləyən in-sanların həbsə alınması və oradan kənarlaşdırılması heç bir qanunçuluğa sığmır. Həmin ərazi dövlətə lazımdırsa, biz Milli Məclisdə qanuna düzəliş qəbul etmişik, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır. Kompensasiya ödənilməli və dövlət üçün həmin yerin zəruriliyi əsaslandırıldıqdan sonra yer iş adamının, yaxud mədəniyyət adamının əlindən alınmalıdır. Xahiş edirəm, gələcək fəaliyyətinizdə bu məsələlərə xüsusi diqqət yetirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Artıq 7 ildir ki, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) parlament qarşısında hesabat verməsi ənənəsi yaranmışdır. Bu 7 ildə cəmiyyətdə kifayət qədər otu-ruşmuş, özünə nüfuz qazanmış bir təsisat  parlament qarşıs-ında özünün illik fəaliyyəti haqqında hesabat verir. Hesabat tək parlament üzvlərinin deyil, cəmiyyətin də diqqətindədir. Artıq bir müddətdir ki,  mətbuatda  hesabatla bağlı müxtəlif rəylər, mövqelər bildirilir. Bunun özü də göstərir ki, Azərbaycanda ombudsman institutu artıq nüfuzdadır. Om-budsman institutu Konstitusiya ilə onun üzərinə qoyulmuş vəzifələri və səlahiyyətləri həyata keçirməkdədir. Ombuds-man institutu, sadəcə olaraq, bir keşikçi rolunu oynamır. Ad-ından da göründüyü kimi, Azərbaycanda  insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında hesabat verir. Bu hesabat vasitəsilə Azərbaycanda insan  hüquqlarının təmin edilməsində dövlət orqanının rolu barəsində rəy yürüdə bilərik.
Mən, sadəcə olaraq, hörmətli Elmira xanımın bizə təqdim etdiyi həm yazılı hesabatdakı, həm də çıxışında səsləndirdiyi bir neçə rəqəmin üzərində dayanmaq istəyirəm. Məsələn, ötən il Azərbaycanda ombudsman institutuna 8800 müraciət olub. Bu da onu göstərir ki, artıq 10 minə qədər insan özünün bu və ya digər problemini ombudsman vasitəsilə həllinə çalışır. Maraqlı bir rəqəm yaranır. Müraciətlərin ancaq yarısı, 50 faizi icraata götürülür. Yəni bir hissəsinə, sadəcə olaraq, tövsiyə vermək, istiqamətləndirmək, bunun həllinin ombudsman institutunda deyil, başqa bir təsisatda axtarılması barəsində yol göstərmək lazım gəlib. Bunun özü də çox  düzgündür.
Çox təqdirəlayiq haldır ki, ombudsmanın hesabatında Konstitusiyada göstərilən insan hüquqlarının ardıcıllığı pozulmayır. Hər bir hüquq üzrə görülən işlər, bu sahədəki vəziyyət göstərilir və eyni zamanda, hörmətli ombudsmanımız məsələyə ancaq müsbət qiymət vermək təcrübəsindən yararlanmır. Ancaq və ancaq görülən işlər bu sahədə müəyyən problemlərin olduğu qənaətinə gəlməyə imkan verir. Bu, normaldır. Demokratik ölkədə inkişaf var-sa, müəyyən problemlər də olacaq. Hansı isə məmurun öz işində bir qədər səhlənkarlığı da, kimin isə probleminin həlli üçün  təkanvermə də olacaq. Əsas məsələ bundan ibarətdir, elə bir mexanizm yaradılıb ki, həm dövlət, həm də qeyri-dövlət təsisatları vasitəsilə problemlərin həlli ardıcıl olaraq  gedir. Vətəndaşın öz problemi ilə təkbətək qaldığı qənaətinə gəlməyirsən. Problemin dövlət və yaxud da dövlətə yardımçı olan ombudsman  vasitəsilə həllinə nail ola bilirik.
Yenə də həmin rəqəmlərdə diqqətimi cəlb edən bir məsələyə toxunmaq istəyirəm. 100-ə qədər insan İnsan hüquqları üzrə müvəkkilin Aparatına təkliflərlə müraciət etmişdir. Deməli, İnsan hüquqları üzrə müvəkkilin Aparatı artıq yeni bir obrazda çıxış etməyə başlayır. İnsanlar həmin təsisata ictimai həyatın quruluşu ilə bağlı bu və ya digər çətinliklərini bölüşərək müraciət etməyi artıq bir ənənəyə çevirirlər.
Ümumən, İnsan hüquqları üzrə müvəkkilin, konkret ola-raq hörmətli Elmira xanım Süleymanovanın fəaliyyətini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, o, üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirir. Ancaq bununla belə bir təklifim var. Biz bilirik ki, ombudsman institutu daxilində regional mərkəzlər yaradılıb. Amma  təəssüf  ki,  regional mərkəzlərin fəaliyyəti barəsində məlumatımız çox azdır. Biz vaxtaşırı həm ombudsman, həm də onun Aparatının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə edirik. Bu, ölkədaxili məsələlərlə, insan hüquqlarının boğulması ilə bağlıdır, Azərbaycandan xaricdə Azərbaycan problemlərinin qaldırılması və yaxud Azərbaycanın mövqeyinin müdafiə edilməsi haqqında məlumatlara da rast gəlirik. Mən çox istərdim ki, fəaliyyətin mərkəzi artıq mərkəzi aparatdan regionlara keçsin. Biz re-gional mərkəzlərin də fəaliyyəti barəsində məlumatlı olaq. Qoy insanlar bu və ya digər məsələlərlə bağlı ərizələrini, müraciətlərini, təkliflərini təkcə Bakıda Ombudsman Aparatına deyil, regionlarda olan mərkəzlərə də göndərsinlər və həmin mərkəzlər vasitəsilə də problemlərin həllinə nail ola bilsinlər. Ümumən, İnsan hüquqları üzrə müvəkkilin bir illik fəaliyyətini müsbət hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, çox hörmətli Ziyafət müəllim. Çox hörmətli həmkarlarım, mən də hesab edirəm ki, Elmira xanımın bu gün Milli Məclisə təqdim etdiyi məruzəsi çox dolğundur.  Elmira xanımın bu vəzifədə yerində olduğunu həmin məruzə bir daha sübut edir. Elmira xanımın dövlət başçısına sədaqətini nümayiş etdirir. Həmin məruzəni vətəndaş cəmiyyətində  mövqeyinin nə qədər dəqiq və insan hüquqlarının onun üçün nə qədər  əziz olma-sının bir daha bariz nümunəsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, ombudsmanın bizə təqdim etdiyi 52 səhifəlik məlumat bütün sahələri əhatə edibdir. Ombudsmanın ümumi fəaliyyətinin konsepsiyasını özündə əks etdiribdir. Dolğun məlumatlar, bir daha qeyd etmək istəyirəm ki, ümumilikdə Azərbaycanda insan hüquqlarının qorunmasına yönəldilibdir. Buna görə hesab edirəm ki, Elmira xanımın ölkə başçısı tərəfindən ikinci dəfə bu vəzifəyə irəli sürülməsi və tərəfimizdən təsdiqlənməsi cəmiyyətin sağlam mövqeyini əks etdirir. Çünki hər birimiz bir bölgənin təmsilçisi olaraq burada insanların  fikirlərini ifadə edirik. Ona görə mən he-sab edirəm ki, müzakirədən sonra məlumat nəzərə alınmalıdır və bu gün ombudsmanın verdiyi hesabat öz dolğunluğu ilə təsdiqini tapmalıdır.
Çox hörmətli Ziyafət müəllim, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq  deputat Pənah Hüseynin bu-rada səsləndirdiyi bir fikir haqqında mövqeyimi bildirmək istəyirəm. Mən hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, Nəqliyyat Nazirliyinin balansında olan Şirvan–Bəhrəmtəpə yolu ümumilikdə 110 kilometrdir.  Ümumi uzunluğu 110 kilometrdən ibarət olan bu yol 25 ildən artıq istismardadır. İstismar ərzində cari təmirlərdən başqa heç bir vaxt əsaslı təmirə  dayanmayıbdır və  buna  imkan olmayıbdır. Xalq Cəbhəsi ilə Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxtla bağlı Pənah Hüseynə bir sual ünvanlamaq istəyirəm. 1992-ci ildə Nazirlər Kabinetinə rəhbərlik edirdi. Əgər vətənpərvərliyi var idisə, həmin ərazidə yaşayan insanların qayğısını çəkirdisə, o zaman niyə dövlət büdcəsindən bu yolun bərpasına və əsaslı təmirinə vəsait ayrılmırdı? Ona görə ki, səriştəsiz insanlar idilər, an-caq hər bir sahəni tənəzzülə uğratmaqla xalqımızı uçuruma aparırdılar. Rica edirəm ki, burada özlərinə siyasi xal qa-zanmaqla populist çıxışlar etməkdən əl çəksinlər.
Məlumat üçün hörmətli həmkarlarıma bildirirəm ki, sorğum əsasında aldığım məlumata görə, artıq Nəqliyyat Nazirliyi bu sahədə 4–5 il ərzində kifayət qədər araşdırmalar aparıbdır. Bu gün müvəkkil bank müəyyənləşdirilibdir. Həmin yolun əsaslı təmiri üçün vəsait tapılıbdır.  1–2 ay ərzində tender vasitəsilə qalib müəyyən ediləndən sonra həmin yolun əsaslı çəkilişinə başlanacaqdır. Bu da ölkə başçısının nəzarətində olan bir məsələdir.
Pənah Hüseyn qeyd etdi ki, həmin yolları bu hala salan Ziya Məmmədova məxsus olan  şirkətlərin maşınlarıdır. Xeyr, hörmətli həmkarlar, əmin ola bilərsiniz ki, məhz Pənah Hüseyn fikirli insanların  himayədarlığı altında artıq yüklə yüklənən  maşınlar  yolları bu vəziyyətə salıb. Nazirlər Kabinetinin 2009-cu ildə qəbul edilmiş  104 saylı qərarı ilə hər maşının oxuna  düşən yük tənzimlənməlidir. Bu isə nəzərə alınmır. Dövlət Yol Polisinin, digər müvafiq icra hakimiyyəti orqanlarının inspektorları həmin maşınların sürücülərinə müraciət etdikdə və qanunqüvvəli aktların tələblərindən irəli gələn məsələləri ortaya qoyanda, onlar dərhal himayədarlarına müraciət edirlər. Bu himayədarlar da söz verirlər ki, belə məsələləri Milli Məclisdə səsləndirəcəklər. Mən xahiş edirəm ki, deputatlar özlərinə hörmətlə yanaşsınlar.
Digər bir məsələ. Pənah bəy bayaq dedi ki,  nəqliyyat naziri Ziya Məmmədov ona deyib ki, sən oradan qızıl tapmısan. Bu, yanlış bir fikirdir. Amma mən hesab edirəm ki, Ziya Məmmədov Pənah Hüseyndən fərqli olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan xalqının vətənpərvərliyi yolunda qızıla yox, vicdanına sədaqətini daşıyır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah bəy, Siz, yəqin, bağışlayarsınız, Zeynəb xanım söz istəyir. Zeynəb Xanlarova, buyurun.
Z.Xanlarova. Əzizim Ziyafət müəllim, mən, bilirsiniz ki, danışmağı xoşlamaram, ancaq yeri gələndə danışıram. Elmira xanım Süleymanovanı mən ombudsman olmamışdan qabaq da tanıyırdım. O, vətənpərvər, həmişə xalq, millət üçün işləyən adam olubdur. İşlədiyi vəzifələrdə də çox gözəl işləyibdir.
Məndən çox xarici ölkələri gəzən yoxdur. Hətta onun adına mənə məktublar da veriblər. Demək istəyirəm, mən keçən iclasda olmamışam,  çox sevinirəm ki, Elmira xanım yenidən seçilibdir. Mən onu ürəkdən təbrik edirəm. Deyərdim ki, Elmira xanım Azərbaycanda çox gözəl işləyən, çalışan bəlkə də birinci qadındır. Mən belə hesab edirəm. Mən insanların dediklərindən bu nəticəyə gəlirəm. Həmin məktubları oxuyanda  sevinmişəm ki, belə bir Azərbaycan qadını var, onun işini qiymətləndirirlər. Mən Sizi öpürəm, Elmira xanım, Sizə uzun ömür, can sağlığı arzulayıram.
Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif var ki, Pənah bəy danışsın, ye-kunlaşdıraq.  Buyurun, Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Nəzərə almaq lazımdır ki, möhtərəm deputatlar, bu, hörmətli Elmira xanımın hesabatı deyil və hətta onun fəaliyyəti haqqında da müzakirə deyil. Bu, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında illik məruzədir. Ona görə də, təbii ki, bizim də çıxışımız bundan ibarət olmalıdır.
Sözün doğrusu, mən məruzə haqqında  sözümü elə məruzənin girişinin birinci cümləsindəki fikirlə ifadə etmək istəyirəm. Burada yazılıb: “Son illər öz inkişafının ən mü-hüm və tamamilə yeni mərhələsinə qədəm qoymuş ölkəmiz dünyada öndər vəziyyətini bir daha təsdiqləmişdir”. Bu  cümlə ilə başlayan məruzənin, təbii ki, ümumi məzmunu və ruhunun nədən ibarət olacağı aydındır. Amma mən  bir deputat, millət vəkili olaraq və təmsil elədiyim müsavatçı deputatların və siyasi partiyaların bir sıra məsələlər barədə mövqeyini qısa icmal şəklində diqqətinizə çatdırmaq istəyirəm.
Bunlardan birincisi, heç şübhəsiz ki, qaçqınların hüquqlarının pozulması ilə bağlı məsələ olmalıdır. Qaçqınların hüquqlarının qorunması işğalçı və yaxud dünya təşkilatları tərəfindən yox, ilk növbədə, heç şübhəsiz, siyasi hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən təmin edilməlidir. Keçən il çox təəssüf ki, növbəti dəfə olaraq, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti qaçqınların ən ciddi hüququnu, onların qaçqın olmamaq, öz dədə-baba yurdlarında yaşamaq hüqu-qunu obyektiv və subyektiv səbəblər üzündən təmin edə bilməmişdir. Hər halda hesab edirəm ki, mütləq bu, qeyd olunmalıdır.
İkinci, çox ciddi bir məsələ, mənə elə gəlir, budur ki, məruzədə insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin yaxşılaşması, pisləşməsi və yaxud sabit qalması məsələsinə qiymət verilməsidir. Çox təəssüf ki, biz məruzədə hər hansı bir qiymətlə rastlaşmadıq. Yuxarıda qeyd etdiyim birinci cümlə, açığını deyim ki, müasir sivil, siyasi zehniyyətə yaraşmayan cümlədir. Mən  və bizim siyasi düşərgə hesab edir ki, çox təəssüf, 2009-cu ildə Azərbaycanda insan hüqu-qları və azadlıqları sahəsində vəziyyət nəinki yaxşılaşmamışdır, sabit qalmışdır, əksinə, pisləşməkdə davam etmişdir. Bu, birinci növbədə mülkiyyət məsələsinə aiddir.
İlk dəfədir mən bunu belə ifadə edirəm ki, Azərbaycanda mülkiyyət hüquqlarının pozulması hətta bir sıra insan hüquq və azadlıqlarının, bəzilərini çıxmaq şərti ilə, pozulmasını üstələmişdir. İş o yerə gəlib çatmışdır ki, insanların mülkiyyət hüququ deyərkən, biz onların biznes fəaliyyətini,  açdıqları işi, assosiasiyaları, şirkətləri nəzərdə tuturuq, am-ma insanın əsas ayrılmaz hüquqlarından biri olan mənzil  hüququnun pozulması da yuxarı həddə çatmışdır. Mətbuatda bu haqda olduqca geniş məlumatlar verilmişdir. Müsavatçı deputatlar bu məsələ üzərində geniş işləmişlər. Söhbət minlərlə sakinin Bakı şəhərinin mərkəzindəki evlərinin heç bir qanuna əsaslanmadan, mövcud qanunlar və Nazirlər Ka-binetinin  qəbul etdiyi qərarlar tətbiq edilmədən quldurcasına, bir daha təkrar edirəm, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş reket xarakterli dəstə tərəfindən sökülməsindən gedir.
Burada, Milli Məclisin qəbul otağında mən təxminən 100–150 adamı qəbul etmişəm. Bizə minlərlə müraciət var. Mən cənab Prezidentə müraciət etmişəm. Yeri gəlmişkən, mən cənab Prezidentə cəmi üç dəfə müraciət etmişəm. Bun-lardan biri həmin sakinlərə aid məsələdir. Axırıncı dəfə də müraciət etmişəm ki, bu sahədə vəziyyət yaxşılaşdırılsın. Çox təəssüf ki, biz hər hansı bir dəyişiklik müşahidə etmirik. Mülkiyyət məsələsinin digər sahələri üzrə də vəziyyət elədir.
Bakıda  görülən yaxşı işləri də qeyd etmək lazımdır. Bu görülən yaxşı işlərdən  biri də  Bakı bulvarında aparılan abadlıq işləridir. Etiraf  və təqdir etmək lazımdır ki, həqiqətən, belə bir gözəl parkın yaradılması  mill dəyərlərə hörmətdir. Dünən mən deputat həmkarımız hörmətli Arzu Səmədbəyli ilə bulvarda gəzərkən onlarca insan  qəflətən, səmimi deyirəm,  tamamilə gözlənilmədən bizə müraciət etdi. Orada işləyən, müxtəlif xidmət sahələrində çalışan adamlar – fotoqraflar və sairləri, deyirlər ki, Hacı Adəm adlı bir adam onlara deyir: “Mən buranı inhisara götürmüşəm, qazandığınızın yarısını bizə verəcəksiniz və yaxud da ərizənizi yazıb gedin”.  Mən, sözün açığı, bilmirəm, bu adam kimdir, onu tanımıram.  İnsanların həm əmək, həm də  mülkiyyət hüququnun pozulması barədə bizə yüzlərlə müraciət edirlər.
Bakıda yenə də abadlıq işləri aparılır. Dövlətin külli miqdarda vəsaiti xərclənir. Yeraltı keçidlərdə Nəqliyyat Na-zirliyi tərəfindən yaxşı, abad ticarət obyektləri yaradılır. Hörmətli Elton müəllim yenə deyəcək ki, onun qardaşı hörmətli nazir Ziya Məmmədova söz atır. Amma hər halda fakt bundan ibarətdir. Yenə də yüzlərlə adam müraciət edib-dir ki, onları həmin iş yerlərindən uzaqlaşdırıblar və bu gün də onlar gözləyirlər. Beşmərtəbənin altındakı məlum keçid haqqında demək istəyirəm. Digər yerlərdəki keçidlərdən də insanların, bir daha təkrar edirəm, bu cür, heç bir haqq və hüquqları qorunmadan, təhqiramiz şəkildə uzaqlaşdırılmasını, bəzilərinin isə bir tikə çörəyinin əlindən alınmasını, onla-ra bu cür  təzyiqlərin göstərilməsini çox ciddi, həyəcan ya-radan bir hal hesab edirəm.
Əvvəl, heç olmasa, halal, haram var idi. Birinin mülkiyyətini alanda haqqını ödəyirdilər. Sizə açığını deyim, bunu hamı bilir, bilmirəm, kimdir, vəzifəsini mənə demədilər, amma çox yüksək vəzifəli məmurların adını çəkərək “bu qədər veririk, istəməsəniz, ümumiyyətlə, sizi bayıra atacağıq” kimi sözlər deyirlər. Təkrar edirəm, Azərbaycanda bu sahədə halallıq istəyirdilər. Bunu hamı bi-lir, iş adamları da bilirlər. Buradakı mülkiyyət sahibləri də, buna bələd olanlar da, biz də bilirik ki, halallıq olmayan yerdən xeyir-bərəkət çəkiləcək, böyük bəlalar gələcəkdir. Ona görə də mən hörmətli ombudsmanımızın da, hörmətli deputatların da, rəhbər işçilərin də, dövlət başçısının da diqqətini çox mühüm olan bu məsələyə cəlb etmək istəyirəm.
İnsan hüquq və azadlıqları sahəsindəki vəziyyətin necə olduğunu hörmətli həmkarımız Siyavuş Novruzovun bu-radakı çıxışı çox əyani və bariz şəkildə nümayiş etdirdi. Bilirsiniz, həqiqətən, iri, hakim, parlamentdə də onlarca deputatı olan bir partiyanın rəhbərliyinə daxil olan deputat tərəfindən sərbəst toplaşmaq azadlığı haqqında o cür istehza, lağlağı ilə, nümayişkaranə şəkildə, heç nədən çəkinmədən, hətta Milli Məclisdə çıxış etdiyini də nəzərə almadan fikirlərin səsləndirilməsi artıq Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət barədə siyasi iqtidarın və hakim partiyanın zehniyyətini, onun məsələyə münasibətini ortaya qoyur. Ona görə də mən hörmətli Sədrə müraciət et-dim ki,  həmin stenoqram olduğu kimi verilsin. Stenoqramın olduğu kimi verilməsi Azərbaycanda bu sahədə vəziyyət haqqında çox əyani bir təsəvvür yaradar.
Burada diffamasiya haqqında qanunla bağlı məsələyə toxunuldu. Mən bir daha deyirəm, ən böyük şərəfsizlik in-sanların şərəf və ləyaqəti, xüsusən ailəsi, uşaqları, şəxsiyyəti ilə bağlı məsələlərə müdaxilə edərək qanunsuz şəkildə böhtan və şər yazmaqdır. Bu, böyük şərəfsizlikdir. Bizim millətimiz buna görə, hətta lazım gələndə qan da tökübdür. Lakin bu diffamasiya məsələsi niyə təhrif edilir? Söhbət konkret olaraq kütləvi informasiya vasitələri əməkdaşlarının haqqında cinayət işinin qaldırılması məsələsinin bizim qanunvericilikdən çıxarılmasından gedir. Mülki Məcəllədə bu adda maddə vardır. Burada hörmətli deputatımız Cəmil müəllim də bu məsələyə toxundu. Adnan Hacızadənin, Emin Millinin və Eynulla Fətullayevin həbsi, həqiqətən, hər hansı şəxsin şərəf və ləyaqəti ilə bağlı  olsa idi, bizim dilimiz bir qədər qısa olardı. Amma bir daha bildiririk, dünya da bilir, biz də bilir və iddia edirik ki, adlarını çəkdiyimiz şəxslər həmin hərəkətlərə görə yox, siyasi fəaliyyətlərinə, yazılarına, peşə fəaliyyətlərinə görə həbs olunublar. Bu həbslər də haqsız, qanunsuz olduğuna görə onların azad edilməsi tələb edilir.
Hörmətli deputatlar, bu il seçki ilidir və heç şübhəsiz ki, seçki məsələlərinə qayıtmaq lazım gələcəkdir. Hörmətli El-mira xanım da öz məruzəsində bu məsələyə toxundu. Bələdiyyə seçkilərində biabırçılıqların şahidi olduq. Vaxt azdır və mən bu məsələ üzərində geniş dayanmaq istəmirəm. Əgər belə biabırçılıq builki parlament seçkilərində də yaşanacaqsa, o halda, heç şübhəsiz, biz Azərbaycanda geriləmələrin, ləngimələrin şahidi olacağıq. Görünür ki, belə bir planlaşdırma ortalıqdadır.
Sonda mən bir mühüm məsələyə də toxunmaq istəyirəm. Hörmətli Elmira xanımdan bir xahiş edərdim. Mühüm məsələlərdən biri də “söz və mətbuat azadlığı” kimi qeyd edilir. Amma bizim haqqımızda Avropa Birliyində və ya başqa beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarlarda ifadə azadlığı məsələsi qoyulur. İfadə azadlığı həm də in-formasiya əldə etmək azadlığı məsələsidir. Son dövrdə bu ən mühüm insan hüquq və azadlıqlarından bir Azərbaycanda  problem kimi ortalığa çıxmaqdadır. Mən arzu edərdim ki, informasiya əldə etmək hüququ  və  hazırda siyasi, hüquqi terminologiyada işləndiyi kimi, ifadə azadlığı məsələsi də məruzədə öz əksini tapsın.
Sonda bir daha  fikrimi yekunlaşdıraraq demək istəyirəm. Əlbəttə, Azərbaycanda ombudsman vardır, hörmətli Elmira xanım da əlindən gələni edir və etməyə çalışacaqdır. Lakin Azərbaycanda ən böyük bir ombudsman var ki, insanların hüquq və azadlıqlarına təminat verir. Bu da rüşvətdir. Ver rüşvəti, bütün hüquqlarını təmin elə. Bir ölkədə, cəmiyyətdə ki insan hüquq və azadlıqlarını satın almaq olur, öz hüquq və azadlıqlarını təmin etmək üçün sən ödənc verməlisən, bu cəmiyyətin, iqtidarın, siyasətin,  ölkənin taleyi ilə bağlı çox böyük problemlər daim yaşanacaqdır. Sizin hamınızı bu əsas ana problemi həll etməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Mən çox üzr istəyirəm, səsvermədən əvvəl Pənah Hüseynin fikirlərindən bəzilərinə münasibət bildirəcəyəm. İndi Siz özünüz də, nəhayət, etiraf etdiniz...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm, Siz danışdınız, mən qulaq asdım. Nəhayət, etiraf etdiniz ki, həqiqətən, Bakıda abadlıq işləri gedir. Nəink Bakıda, Azərbaycanın bütün yerlərində, o cümlədən dənizkənarı bulvarda abadlıq işləri aparılır. Pənah bəy, mən hər gün  işdən sonra bulvarda gəzirəm. Nə əcəb mənə yaxınlaşmırlar, Sizə yaxınlaşırlar ki, Hacı Adəm adlı birisi... Mən, o cümlədən digər deputat yoldaşlarım da həmişə camaatın içindəyik. Bəs mənə niyə yaxınlaşmırlar? Şəhərdə gəzirəm, həmin yeraltı keçidlərdən mən də istifadə edirəm. Heç bir satıcı, heç kim mənə şikayət etmir. Nə əcəb Sizə şikayət edirlər? Bilirsiniz, bulvar söhbətini gətirib buraya çıxarmaq, vallah, düzgün deyil. Sizə deyirlərsə, bunu araşdırın, görün həqiqətənmi bu belədir? Sizə  deyilənlər gətirək buraya çıxaraq? Bu,  Milli Məclisdə danışılası məsələ deyil axı. Siz ciddi adamsınız, dövlət katibi, Nazirlər Kabinetinin sədri işləmisiniz. Xahiş edirəm, belə məsələləri araşdırın, ölçün, biçin, sonra  Milli Məclisə çıxarın. Mən bunların heç birinə inanmıram.
İkincisi, yenə diffamasiya məsələsini qaldırdınız. Söhbət ondan gedir ki, diffamasiya haqqında qanunda böhtan və təhqirə görə cinayət məsuliyyəti aradan götürülür. İndi Pənah bəy dedi ki, mülki məsuliyyət var. Böhtan və təhqirin ictimai təhlükəli xarakteri mülki məsuliyyətə adekvat deyil. Xahiş edirəm, bunu qəbul edin. Biri, üzr istəyirəm, Sizin, mənim, yaxud başqasının ailəsini təhqir eləsə, onun mülki məsuliyyətə cəlb olunması Sizi qane edəcək? Etməyəcək axı. Özünüz də deyirsiniz ki, biz namusa, qeyrətə görə hər şeyə gedən xalqıq. Pənah bəy, biz də Sizə bunu deyirik. Düz də deyirsiniz. Məsələni başqa yerə yozmayın.
Söhbət təkcə jurnalistlərdən getmir. Söhbət, ümumiyyətlə, təhqirə və böhtana görə  cinayət məsuliyyətinin aradan götürülməsindən gedirsə, bu, cəmiyyətdə çox böyük qarşıdurma yaradar. Biz buna hələ hazır deyilik. Mən bunu tam səmimi deyirəm. Burada heç bir siyasət yoxdur. Ona görə xahiş edirəm, bu məsələdən alver kimi istifadə etməyəsiniz. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm. Bu gün Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında illik məruzəni dinləyirik. Amma sizin istirahət hüququnuzu artıq 11 dəqiqədir ki, pozuruq. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa görə, ombudsmanın illik məruzəsinin nəzərə alınması ilə bağlı münasibət bildirməliyik. Xahiş edirəm, münasibətimizi bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə  98
Əleyhinə  5
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Elmira xanım, təbrik edirik.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. İclasımıza davam edirik. Gündəliyin ikinci məsələsi Əli Hüseynovun  Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqındadır. Buyursun Rövşən Rzayev.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məhkəmə-Hüquq Şurası özünüidarəetmə orqanıdır. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 6-cı maddəsinə əsasən Şura 15 üzvdən ibarətdir. Məhkəmə-Hüquq Şurasının tərkibi, əsasən, hakimlərdən, habelə icra hakimiyyəti, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyası nümayəndələrindən ibarət olur. Qanuna əsasən qanunvericilik orqanı tərəfindən bir nümayəndə təyin edilir. Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Bildiyiniz kimi, 5 il müddətində Məhkəmə-Hüquq Şurası tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri cənab Əli Hüseynov seçilmişdi. Qanuna əsasən 5 il müddəti bitdiyinə görə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Əli Hüseynovun namizədliyi parlament nümayəndəsi kimi ikinci dəfə təklif olunur. Birinci müddət ərzində cənab Əli Hüseynov Məhkəmə-Hüquq Şurasının üzvü kimi öz prinsipiallığı, peşəkarlığı, ədalətli mövqeyi ilə xarakterizə olunubdur. Buna əsaslanaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Əli Hüseynovun namizədliyini Milli Məclis qarşısında irəli sürür və onun namizədliyinə müsbət səs verməyinizi xahiş edir.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, çıxışlara ehtiyac yoxdur. Xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  97
Nəticə: qəbul edildi

Çox sağ olun, təsdiq edildi. Təbrik edirik, Əli müəllim. (Alqışlar.)
Gündəliyin növbəti məsələsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Milli Məclisin hörmətli deputatları, xanımlar və cənablar! Sizin müzakirənizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 23 fevral tarixli 1/57 saylı məktubu ilə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr edilməsi barədə müvafiq qanun layihəsi təqdim edilmişdir.
“Elektroenergetika haqqında” Qanunun  8-ci maddəsinə 8-ci hissənin əlavə olunması təklif edilir. Əlavə də bundan ibarətdir: “Yaşayış binaları, o cümlədən mənzillər elektrik xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra yalnız istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının elektrik xətlərinə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Eyni məzmunda əlavələr “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Qanunun 23-cü maddəsinə təklif edilir.  Əminəm ki, bu əlavələrin qəbulu yaşayış binalarının təhlükəsiz, müasir standartlara uyğun istismara qəbulunu və istismarını təmin edəcək. Bu binalarda yaşayan insanların təhlükəsizliyini, rahatlığını təmin edəcək. Bu səbəbdən də şübhəm yoxdur ki, təklif olunan əlavələr deputatlar tərəfindən dəstəklənəcək və qəbul ediləcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mənim çıxışım bir məsələ ilə bağlıdır və sual xarakteri daşıyır, özüm üçün aydınlaşdırmaq istəyirəm. Son vaxtlar, bildiyimiz kimi, Bakı şəhərində xeyli sayda çoxmərtəbəli binalar tikilir. Tikilən binaların böyük əksəriyyətində 5, 7, 8 ildir ki, ayrı-ayrı vətəndaşlar köçüb yaşayırlar. Amma binalar Dövlət qəbul komissiyası tərəfindən qəbul edilmədiyinə görə onlar qaz, keyfiyyətli elektrik və su təchizatı ilə təmin olunmurlar. Olduqca ciddi problemdir. Bəlkə də  dövlət hansısa formada bu məsələnin həllini tapmalıdır. Vətəndaşın təqsiri deyil ki, bina keyfiyyətli və ya keyfiyyətsiz tikilib. Vətəndaş  müəyyən vəsait ödəyib, bundan sonra hələ təmirə nə qədər vəsait ödəyir.
Millət vəkillərinin evlə bağlı məlumatları var. Mənzil məsələsi çoxunun  qarşılaşdığı problemdir. İndi mənzillərdə sayğacların qoyulması yenə vətəndaşın hesabına həyata keçirilir. Çoxmərtəbəli binalarda bu pul  qanunsuz olsa da yığılır. Televiziyada da tez-tez belə hallar göstərilir. Nazirlər Kabinetinin bu haqda qərarı olsa da, bu məsələ hələ də bir problem kimi qalmaqdadır. Vətəndaş  öz hesabına sayğac qoyulmasına müqavimət göstərə bilmir. Bunun yolunu tapmaq lazımdır. Əgər dövlət, ayrı-ayrı şirkətlər bu işi öz üzərlərinə götürürlərsə, bunu vicdanlı şəkildə etməlidirlər ki, yük vətəndaşın üzərində qalmasın. Mən hesab edirəm ki, bina keyfiyyətsizdirsə, yaşamaq üçün əlverişli deyilsə, binanın qazla təmin olunması problem yaradırsa, onda  vətəndaşların oraya köçürülməsi dayandırılmalı, onların vəsaitləri qaytarılmalıdır. Onlara  bildirilməlidir ki, bu binada yaşamaq təhlükəlidir. İnsanlar yaşayırlar, amma binada qaz yoxdur. Bu necə ola bilər?
Bu məsələnin həlli yolu tapılmalıdır. Ayrı-ayrı şirkətlərlə insanlar üz-üzə qalmamalıdırlar. Hüquqi müstəvidə bunu həll etməyə gücləri çatmır. Ona görə də bu məsələyə diqqət yetirmək istərdim. Valeh müəllimdən sual etmək istərdim ki, Dövlət qəbul komissiyasına təqdim edilənə qədər binalarda bu məsələnin həll edilməsi nə dərəcədə realdır? Bunu həll etmək mümkündürmü? Qanun qəbul edirik, qanun icra olunmursa, bunun nə mənası var?
İkinci, burada “haqqı” sözü var. Məncə, bu söz yerində deyil: “elektrik xətlərinə qoşulma qaydası  və haqqı”. “Haqqı” sözü qeyri-rəsmi ödəniş  mənasına gəlir. Hansı haqdan söhbət gedə bilər? Burada “tarif şərtləri” yazmaq olar. Çünki bu mücərrəd söz qanunun tətbiqində, məncə, problem yarada bilər. Ona görə də bu sözün dəyişdirilməsini təklif edirəm. Mən indi konkret, tam doğru deyə bilmərəm. Amma cümlənin bu hissəsinin dəqiqləşdirilməsinə, hesab edirəm, ehtiyac var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən hesab edirəm ki, doğrudan da, bu qanunu qəbul etməklə hökumət vətəndaşların problemlərinin həll edilməsini qarşısına məqsəd qoyub. Bir çox problemlər həll olunacaq. İndiyə qədər dəfələrlə Milli Məclisdə məsələ qaldırılmışdı ki, Dövlət qəbul komissiyası tərəfindən qəbul olunmayan binanı qazla təchiz etmirlər. Vətəndaşlar 2–3 il, bəzən hətta bundan da çox müddət çox böyük çətinliklər içərisində yaşayırdılar. Elektrik enerjisindən istifadə edirdilər, bu da böyük məsrəflər deməkdir, ailənin büdcəsinə ciddi təsir edən amildir. Mən ümid edirəm ki, bu qanun qəbul olunandan sonra artıq Dövlət qəbul komissiyası tərəfindən qəbul olunmamış, insanlar yaşayan binalara qaz çəkilməsi üçün artıq heç bir hüquqi maneə qalmayacaqdır. Əksinə, qaz çəkilməlidir ki, sonradan bina Dövlət qəbul komissiyasına təqdim olunsun və qəbul  edilsin. Mən bunu çox mütərəqqi bir addım hesab edirəm, minlərlə ailənin problemlərinin həllinə çox kömək edəcəkdir. Ona görə bunu alqışlayıram.
Amma, Oqtay müəllim, burada Fazil bəyin qeyd etdiyi məsələyə, doğrudan da, aydınlıq gətirilməlidir. İndi Rövnəq müəllim burada yoxdur. Bütün yeni binalarda  yaşayan vətəndaşlardan sayğac qoymağı tələb edirlər. Binanı tikən tikinti təşkilatı özü qaz sayğaclarını almalıdır. Tikinti təşkilatı  vətəndaşlara deyir ki, siz özünüz qaz sayğacının pulunu verməlisiniz. Bəzi binalarda nə az, nə çox, 500 manatdan 700 manata qədər sayğaclara görə pul yığılır. Məndə konkret faktlar var. Bu məsələyə aydınlıq gətirilməlidir. Tikinti təşkilatından ev alan vətəndaş da ayrıca fiziki şəxsdir. Biz qanun qəbul etmişik ki, fiziki şəxsə sayğacı elektrik enerjisini satan təşkilat qoymalıdır. Onda həmin pulun vətəndaşlardan bu adla, dolayı yolla alınması başa düşülməyir. Qanunda biz bunu aydın yazmalıyıq, qanuna yenidən əlavə və ya düzəliş etməliyik. Vətəndaş üçün fərqi yoxdur, bu mənzili tikinti təşkilatından, yaxud tikinti kooperativindən alıb. Biz qanunda yazmışıq ki, fiziki şəxsə sayğac pulsuz qoyulmalıdır. Enerjini təklif edən təşkilat sayğacın pulunu ödəməlidir. Bu məsələyə də aydınlıq gətirməliyik ki, vətəndaşları belə problemlərdən qoruyaq. Mən bu qanun layihəsinə səs verəcəyəm və hesab edirəm ki, bizim vətəndaşların  çoxdan gözlədikləri bir qanundur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox  təşəkkür edirəm, möhtərəm Sədr. Sözün doğrusu, mən çox təəccüb etdim ki, ola bilər, mən oxuyub başa düşməmişəm. Hər halda hörmətli komitə sədri deyilən məsələlərə dəqiq şəkildə aydınlıq gətirməlidir ki, bu, steno-qrama düşsün və sonra da bunu yerlərdə başqa cür tövsiyə etməsinlər. Məsələ burasındadır ki, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara   nə üçün əlavə edilməsi aydınlaşdırılmalıdır. Burada hörmətli hüquqşünaslarımız var, fikrimcə, bu məsələ həmin qanunların predmeti deyil. Başqa qanunvericilik aktları, o cümlədən mənzillərin istismara verilməsi ilə bağlı qanunlar, Mənzil Məcəlləsi var. Burada binaların Dövlət qəbul komissiyası tərəfindən istismara qəbulu məsələsinin qanuna salınması istər-istəməz müəyyən suallar doğurur. Bu hansı suallardır?  Burada yazılır:  “Yaşayış binaları, o cümlədən mənzillər qaz xətlərinə tam həcmdə qoşulduqdan... sonra...”. Əgər söhbət çoxmərtəbəli yaşayış binalarından gedirsə, bu, dəqiqləşdirilməlidir. Məsələn, biri kənddə 2–3 otaqlı mənzil tikibsə, bu da binadır. Heç kim deyə bilməz ki, bu, bina deyil. Bu da Dövlət qəbul komissiyası tərəfindən qəbul edilməlidir? Bundan necə istifadə  olunacaq? Bu bir.
İkincisi, keçən ilin oktyabr ayında burada bir məsələ səs-küyə səbəb oldu. Nə Milli Məclis, nə də Prezident Administrasiyası buna dəqiq bir izahat verdi. Həmin iclasın stenoqramı olduğu kimi rəsmi şəkildə çap edilibdir. Biz o vaxt dedik ki, buradan hüquqi şəxslərin çıxarılması məsələsi heç də təsadüfi deyildir. Burada da, mətbuatda da bəzi çıxışlar oldu. Bu, faktik olaraq, çoxmərtəbəli binalarla bağlı edilib. Mən çox istərdim ki, hörmətli Valeh müəllim bu məsələlərə aydınlıq gətirsin.
Biz dəfələrlə bu məsələni demişik və bir də təkrar etməyə məcburam. Bu qanunvericilik aktı hazırlanıb imzalanmaq üçün Prezidentə təqdim edilib. Bunun üçün müəyyən əsaslandırmalar olub. Bunu hansı mütəxəssislər,  hansı icra hakimiyyəti orqanları ediblər? Onlar bu suallara daha dəqiq cavab verə bilərlər və onların burada nümayəndələri ol-malıdır. Hüquqi normativ aktlar haqqında mövcud qanunvericiliyə görə bu məsələlərə onlar aydınlıq gətirsinlər. Hörmətli Valeh müəllim yenə aydınlıq gətirməyə çalışacaq, keçən məsələdə olduğu kimi, sonradan məsuliyyəti də Valeh müəllimin üzərində qalacaq.
Qüdrət bəy və hörmətli Fazil bəy – hər ikisi savadlı hüquqşünasdırlar. Konkret deyilməlidir ki, mənzillərin qaz xətlərinə qoşulmaq haqqını və sayğacların pulunu kim ödəyəcək? Hələ mənzil təhvil verilməyib, vətəndaş da yaşamır, hətta ola bilsin ki, mənzil satılmayıb. Mənzilin hamısı birdən satılmır. Burada nəzərdə tutulan şəkildə olduqda  qaz xətlərinə qoşulmağa görə kim məsuliyyət daşıyacaq? Deməli, yenə hüquqi şəxslər problem meydana gəlir. Əgər mən yanılıramsa, hörmətli komitə sədri aydınlıq gətirsin. Belə çıxır ki, sayğaclar hüquqi şəxs adı ilə kooperativlərin, mənzil-istismar sahələrinin və başqa şirkətlərin hesabına qoyulacaq. O halda  əhal   müəssisələrin hesabına sayğaclarla təchiz edilir. Yən faktik olaraq, biz bunu dolayı yolla yenə hüquqi şəxslərin  –  həmin şirkətlərin, yaxud mənzil-istismar sahələrinin, kooperativlərin üzərinə qoyacağıq. Burada Fazil bəy də dəfələrlə dedi, həqiqətən, belə faktlar var. Onlar  isə yenə də bunun pulunu əhalidən alacaqlar.
Bu layihəni kim təqdim edibdir, nə üçün təqdim olunub? Bu əlavələrin əhalinin təhlükəsizliyi ilə bağlı edildiyi inandırıcı olmadı. Nəyə görə inandırıcı olmadı? Çünki Dövlət qəbul komissiyası binanı təhvil alana qədər, – şübhəsiz, şəhərdəki çoxmərtəbəli binalardan söhbət gedir, – bu sayğa-clar qoyulacaq. Sayğaclarla təchizatı və xətlərə qoşulmaq prosesinin həyata keçirilməsinin, fikrimcə, əhalinin təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Əksinə, belə görünür ki, Dövlət qəbul komissiyası qəbul edənə qədər orada insanlar həmin binalarda yaşaya, orada qazdan da, sudan da istifadə edə bilərlər. Dövlət qəbul komissiyası  binanı qəbul etməyibsə, sabah bir hadisə baş verdiyi halda bunun məsuliyyətini kim daşıyacaq? Komissiya deyəcək ki, mən binanı qəbul etməmişəm, binanı elektrik, qaz və su xətlərinə düzgün qoşmayıblar, normativə, standarta uyğun deyil. Hörmətli komitə bu məsələyə aydınlıq gətirsin. Əgər belə məsələlər həll edilmədən qalacaqsa, bu yenə də  əhalimizin başında çatlayacaq.
Mən qorxuram ki, texniki şərt adı ilə külli miqdarda rüşvət  alınacaq. Niyə binaları qaz, su, elektrik xətlərinə qoşmayırlar, bu məsələ ləngiyir? Bunları əhalinin müraciətləri əsasında deyirik, əhali tələb edir bunu. Çox böyük məbləğdən, rüşvətdən, korrupsiyadan söhbət gedir. Bu məbləği birdən-birə ödəyə bilmirlər. Ona görə də belə bir vəziyyət yaranır.
Sonda bir məsələni də deyim. Hələ bundan sonra tikiləcək binalar bir tərəfə, mövcud konkret binalar qazla təchiz olunmayıbdır, qaz xətti çəkilməyib. Ola bilsin, sonra heç çəkmək də mümkün olmayacaq. Elə binalar var ki, bunların qazla qızdırılması nəzərdə tutulmayıb, ancaq elektriklə qızdırılır. Mən 8-ci mikrorayonda bina tanıyıram ki, oraya  əvvəldən qaz çəkilməsi nəzərdə tutulmayıb. İnd “Qaz təchizatı haqqında” Qanuna belə bir əlavə edirik. Qazın verilməsi illərlə mümkün olmayır, bunu, yəqin, siz də bilirsiniz. Bu necə olacaq? Olmayan qaza mütləq sayğac qoyulacaq? Bu baxımdan çox çiy bir qanun layihəsidir. Bu layihəni hazırlayan mütəxəssislər,  ekspertlər qaldırılan məsələlərə aydınlıq gətirsinlər ki, sabah biz belə absurd vəziyyətlə qarşılaşmayaq. Təşəkkür edirəm.
Sədrlik edən. Qanun layihəsi çiy deyil, bir az çiy oxumusan. Ona görə qanun layihəsinə çiy demə. Valeh müəllimdən qabaq mən suallarınıza cavab verim. Birinci, bu qanunlara edilən əlavənin məqsədi budur ki, bundan sonra tikilən evlər Dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmasa, insanların mənzillərinə köçmələrinə icazə verilməyəcək. İndiyə kimi həmin evlərə qanunsuz köçmələrinin birinci səbəbi həmin hüquqi şəxslərdir ki, onlar binaların tikintisi bitməmiş insanları oraya buraxıblar. Hər şeyin qaydası var.
Sayğaclar barəsində heç bir narahatlıq yoxdur. Qanuna görə fiziki şəxslərə sayğaclar  pulsuz qoyulur. Hər bir ev tikiləndə hüquqi şəxs tərəfindən smeta sənədləri hazırlanır və bu sənədlər təsdiqlənir. Əksər  binaların smetasında həm su, həm qaz, həm də işıq sayğacları nəzərdə tutulur. Elə binalar var ki, smetasında sayğaclar oturmayıb. Sayğacsız verilən evlərin qiyməti başqadır, sayğacların qiyməti evin qiymətinin içində oturmur. Ancaq istismara təhvil veriləndə binaların hamısında sayğac olmalıdır. Bakıda elə  bina yoxdur ki, tikiləndə oraya sayğaclar qoyulmasın.
Pənah bəy qaz məsələsinə toxundu. Bəzi binalara qaz verilmir, elektrik olur. Elektrik olan yerdə qaz olmayacaq. Bu, binanın texniki şərtindən asılıdır. Qazın olmaması bir texniki şərtdir.
İkinci məsələ. 15 mərtəbəli bina təhvil verilib və orada  45 ailə  əvəzinə 15 ailə yaşayır. Mənzillər alınıb, açarlar bağlanılıb, dəmir qapılar qoyulub. Qaz xətləri yoxlanılmayıb, qaz verilməyib. Binaya qaz vermək üçün bütün sakinlər orada olmalıdırlar. Bunu isə binanı tikən hüquqi şəxs həyata keçirməlidir. Çünki bu gün qaz şirkəti oraya qaz verərsə, qəza ola bilər. Oraya qaz vermək olmaz. Sabah bunun üçün heç kim cavabdeh olmayacaq.
İnsan ev alırsa, o, ev tikən təşkilatla müqavilə bağlayır. İndi mənə göstərin görüm, Bakı şəhərində elə bir bina var ki, qazı, işığı, suyu çəkilməyib və orada insanlar yaşayırlar? Kooperativlə müqavilə bağlayan vətəndaşlar həmin hüquqi şəxsi məhkəməyə verə bilərlər. Bu insanlar da öz hüquqlarını tələb etməlidirlər. Hər bir məsələni dövlətin üzərinə qoymaq lazım deyil. Bu qanunlara edilən əlavə təsdiq edir ki, ev hazır olmamış, Dövlət qəbul komissiyası tərəfindən qəbul edilməmiş həmin evə köçmək olmaz.
Şəhərdə mövcud olan bu problemdən hamının xəbəri var, bilirik və  bu məsələ ilə bağlı artıq bəzi təkliflər almışıq. Həmin evlərin təhvil verilməsi üçün işlər görülür. Bu məsələnin həll olunması üçün tədbirlər görüləcəkdir. Binaların Dövlət qəbul komissiyasına təhvil verilməsi bir-başa binanı tikən insanlardan asılıdır. Çox əfsuslar olsun ki, bina tikən insanlar böyük gəlirlər götürürlər, bu binanı təhvil verməmiş ikinci, üçüncü binanın tikintisinə başlayırlar. Beləliklə, binaların təhvil verilməsi qalır. Bu, dövlətin məsələsi deyil, müqavilə bağlayan şəxslərin məsələləridir. Mən bilmirəm, izah eləyə bildim, ya yox?
Qaldı haqq məsələsinə, burada haqq məsələsi yoxdur. Məsələn, yeni bina tikilən ərazidə artıq 15 bina vardır. Oradakı mövcud transformatorun bu binaya işıq vermək imkanı yoxdur. Ona görə texniki şərt qoyulur  ki, ya təzə transformator quraşdırmalısan və ya başqa bir transforma-tordan 15 kilometr elektrik xətti çəkməlisən. Bina tikən şəhər təsərrüfatına kömək etməlidir. Söhbət bundan gedir. Yaxud su çəkirlər. Bir yüzlük kəmər 5 binaya su verirdisə, indi yanında daha beş  ev tikiblər. Kəmərin texniki imkanı yoxdur ki, su versin. Ona görə texniki şərt verilir, su anbarı tikilir, su xətti çəkilir.  Bunlar hamısı texniki məsələlərdir.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi gələcəkdə belə məsələlərin təkrar olunmaması üçün əsas yaradacaq. Bina tikildisə, insanların təhlükəsizliyi qorunmalı, insan binaya köçəndə işığı, qazı, suyu olmalıdır. Burada başqa bir məsələ yoxdur. Qanunun məğzi budur. Əgər etiraz edən yoxdursa, xahiş edirəm, qanun layihəsini səsə qoyaq.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə  99
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov. Hörmətli deputatlar, xanımlar və cənablar! Müzakirənizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/80 saylı 2010-cu il 12 mart tarixli məktubu ilə Milli Məclisə təsdiq olunmaq üçün 2009-cu il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Kredit Sazişi təqdim edilmiş-dir. Adı çəkilən Kredit Sazişi və müvafiq qanun layihəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 17 mart tarixli iclasında müzakirə edilmiş və təsdiq olunmaq üçün Milli Məclisin iclasına təqdim etmək qərarı verilmişdir. 
Bu Kredit Sazişi çərçivəsində görülən işlərlə əhatə ediləcək ərazi kimi “20-ci sahə” adlanan yaşayış massivi və onun ətrafındakı bəzi ərazilər, yən Bibiheybət yaşayış mas-sivi, Bayıl və Badamdar yaşayış massivlərinin bir hissəsi başa düşülür. Təxminən 2700 hektar ərazini əhatə edən bir sahədir. Bu ərazinin 1200 hektarı boş sahədir. Boş sahələrdə parklar, çəmənliklər salınacaq, yeni yaşayış binaları tikiləcəkdir. Hazırda ərazidə 60 minə yaxın əhali yaşayır. Ancaq layihədə gələcəkdə 200 minə qədər əhali üçün bir yaşayış massivi nəzərdə tutulur.
Kredit Sazişini imzalayan tərəflər bunlardır: bir tərəfdən Səudiyyə İnkişaf Fondunun icraçı direktoru Yusuf Bin İbra-him Əl-Bəssam, digər tərəfdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Nizaməddin İsmayıl oğlu Rzayev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə müvafiq göstərişlər verilmişdir.
Ümumiyyətlə, saziş beynəlxalq aləmdə bu cür kredit sazişləri üçün qəbul olunmuş, tətbiq edilən normalara uyğun şəkildə hazırlanmışdır. Bəzi xüsusiyyətləri isə Səudiyyə İnkişaf Fondunun Direktorlar Şurasının qərarı ilə qəbul edilmiş 1976-cı il 26 iyul tarixli Kredit Sazişlərinin Ümumi Şərtləri ilə tənzimlənir. Adı çəkilən ümumi şərtlər, bildiyiniz kimi, bu sazişə əlavə edilib. Saziş  çərçivəsində həyata keçiriləcək layihənin təsviri sazişə əlavə edilmiş 2 №-li cədvəldə verilib. Yəqin ki, həmin cədvəldə göstərilmiş obyektləri bir-bir sadalamağa ehtiyac yoxdur.
Ancaq diqqətinizi bir önəmli məqama yönəltmək istərdim. Nəticədə çirkab suları məhsuldarlığı gündə 50 min kubmetr olan sutəmizləyici qurğuya daxil olub təmizlənəcək və təmizlənmiş, ən yüksək standartlara cavab verən sudan təkrarən sahədə yaradılan parkların, bağların, çəmənliklərin suvarılmasında istifadə ediləcəkdir.
Layihənin ümumi dəyəri 63 milyon ABŞ dollarına yaxın məbləğ təşkil edir. Bunun da 25 milyon ABŞ dollarına bərabər hissəsi və ya 93 milyon 750 min Səudiyyə rialı Kredit Sazişi çərçivəsində Səudiyyə İnkişaf Fondu tərəfindən ayrıla-caqdır. Kredit vəsaitindən 2012-ci il 31 dekabr tarixə, yaxud fondun müəyyən etdiyi daha sonrakı tarixə qədər istifadə edilə bilər. Kredit 20 il müddətinə verilir. Birinci 5 ildə kreditin istifadə edilmiş hissəsinə illik 2 faiz kredit faizi ödənilir. Güzəşt müddətindən sonrakı 15 ildə borcun əsas məbləği 30 bərabər hissə ilə ödənilməlidir. Borcun ödənilməmiş hissəsinə 2 faiz illik kredit faizi hesablanır. Kreditin əsas məbləğinin geri ödənilməsi sazişə əlavə edilmiş 3 №-li cədvəldə göstərilən amortizasiya cədvəlinə uyğun olaraq təmin ediləcəkdir.
Əlbəttə, bu sazişdə layihənin icrası ilə əlaqədar  götürülən öhdəliklər, məsuliyyətlər, səlahiyyətlər və sair məsələlər öz əksini tapıb. Bunları, yəqin ki, xırdalamağa ehtiyac yoxdur. İcazənizlə, çıxışımı bitirmək istərdim. Əminəm ki, həm Kredit Sazişi, həm də müvafiq qanun layihəsi tərəfinizdən  təsdiq ediləcəkdir. Təşəkkür edirəm,  çox sağ olun.   
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Mən görürəm, çıxış etmək istəyənlər də var. Amma mənim bu işlərdən xəbərim olduğu üçün  bir-iki kəlmə demək istəyirəm. Bildiyiniz kimi, artıq Azərbaycanda infrastruktur üzrə çox işlər görülür. Yeni elektrik yarımstansiyaları, xətləri çəkildi, sayğaclar qoyuldu. Cənab Prezident tərəfindən proqram qəbul olundu. 2013-cü ilə qədər Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bütün rayon mərkəzlərində tullantı suların təmizlənməsi üçün qurğuların qurulması haqqında layihələr hazırlandı. Bu layihələr 2013-cü ilə kimi həyata keçirilməlidir. Bu layihə də ilk belə layihələrdən biridir.
Yalnız Abşeronda və Bakı şəhərində 7 belə lokal təmizləmə qurğusu olacaq. Keçən ilin sonunda, yadınızdadırsa,  sutkada 800 min kubmetr tullantı suyu təmizləyən qurğu təhvil verildi. Buna baxmayaraq, Bakı və Abşeron ətrafında 7 belə qurğu olacaq. Eləcə də bütün rayonlar üzrə  kreditlər alınacaq. Yəni bütün rayonların su təchizatı və tul-lantı suları haqqında kredit sazişlər olacaqdır. Belə sazişlər çox olacaq, bunları xırdalamağın mənası yoxdur.  Bu artıq ona gətirib çıxarır ki, Azərbaycanın nəinki paytaxtında, eləcə də rayon mərkəzlərində təmizləmə qurğuları qurulacaq, su təchizatı mərkəzləşdirilmiş şəkildə həyata keçiriləcəkdir. Çıx-ışlara ehtiyac varsa, başlayaq, yoxsa xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Dəvəçi rayo-nunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədədir. Əhəd Abıyev buyursun.
Ə.Abıyev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Yeni inzibati ərazi dairələrinin yaradılması təklifi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkənin inzibati ərazi quruluşunun təkmilləşdirilməsinə, dövlət idarəçiliyində icra mexanizminin gücləndirilməsinə xidmət etməklə regionların sosial-iqtisadi inkişafına, yaşayış məntəqələrinin abadlaşdırılması və müasirləşdirilməsinə, insanların rahatlığının təmin edilməsinə yönəlmiş siyasi qərardır. Ölkəmizdə qəbul olunmuş genişmiqyaslı layihələrin və proqramların uğurla yerinə yetirilməsini böyük nailiyyətlər adlandıran dövlət rəhbərimiz haqlı olaraq qeyd edir ki, Azərbaycanın bütün uğurlarının təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar durur. Ölkəmizin vətəndaşları bu uğurlu siyasəti və sürətli inkişafı təqdir edir və yüksək səviyyədə qiymətləndirirlər.
Hörmətli deputatlar, sizə təqdim olunan qanun layihəsində bu gün sürətlə inkişaf edən, abadlaşan, ölkə üçün vacib obyektlərin salındığı Dəvəç rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müzakirəyə çıxarılan qanun layihəsinə görə Qorğan, Bilici Qorğan və İzmara kəndləri Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Qorğan kəndi olmaqla Qorğan kənd inzibati ərazi dairəsi yaradılır.
Zeyvə və Kilvar kəndləri Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq  mərkəzi Zeyvə kəndi olmaqla Zeyvə kənd inzibati ərazi dairəsi, Uzunboyad və Məliklər kəndləri Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Uzunboyad olmaqla Uzunboyad; Şahnəzərli kənd inzibati ərazi dairələri yaradılır. Taxtalar, Dağ Bilici və Mumlu kəndləri Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Taxtalar kəndi olmaqla Taxtalar kənd  inzibati ərazi dairəsi, Çaraq, Güləh, Hahıiskəndərli, Kyüncal, Təkyə və Uqah kəndləri Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Çaraq kəndi olmaqla Çaraq kənd inzibati ərazi dairəsi yaradılır. Yaradılan inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur.
Dəvəçi rayonunda yeni inzibati ərazi dairələri yaradılması reallıqlara əsaslanır və yerli əhalinin arzusu ilə həyata keçirilir. Yeni inzibati ərazi dairələrinin yaradılması haqqında müraciətlər müvafiq bələdiyyələrin və icra nümayəndəliklərinin yığıncaqlarında geniş müzakirə edilərək qərarlar qəbul olunmuşdur. Bu məsələlərə Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı yanında şurada baxılmış və icra hakimiyyətinin başçısı hörmətli Novruz Novruzovun sərəncamı ilə lazımi sənədlər tərtib edilmişdir. Bu sənədlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Qanun layihəsinə Regional məsələlər komitəsinin iclasında baxılaraq Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Hörmətli deputat həmkarlarım, sizdən xahiş edirəm, qanun layihəsinin təsdiq olunmasına səs verəsiniz. Diqqətinizə görə minnətdaram.  
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, Oqtay müəllim. Mən sual vermək istəyirdim. Biz bu yaxınlarda bəzi bələdiyyələrin birləşdirilməsi haqqında qanun qəbul etdik və bunun müəyyən əsaslarını da göstərdik. Mən  başa düşürəm ki, birləşdirilmiş bələdiyyələrin kəndlərində icra nümayəndəliklər yaradılır və rayon icra hakimiyyətinin yerli nümayəndəsi də təyin olunur. Yeni aparatmı yaranacaq? Bu cür başa düşülür? Bu yeni bir prosesdir, yoxsa  Dəvəçinin yerli xüsusiyyətləri ilə bağlıdır? Bəlkə böyük ərazidir, kəndlər ar-alıdır? Mən bilmək istərdim, edilən dəyişikliklər yeni inzibati ərazi siyasətinin əlamətidirmi, yoxsa sırf lokal xarakterli bir təşəbbüsdür?
Sədrlik edən. Dəvəçidən millət vəkili Tahir Süleymanov cavab vermək istəyir.
T.Süleymanov. Birinci, Pənah bəyin verdiyi suala cavab vermək istəyirəm. Bu məsələ bələdiyyələrlə əlaqədar deyil. Dəvəçi rayonunun  ərazisinə görə Əhəd müəllimin məruzəsində göstərilən həmin kəndlər rayon mərkəzindən 25–30 kilometrlik məsafələrdə yerləşir. Ona görə də bu, rayonda insanların haqlı narazılığına səbəb olur. Bir arayış almaq üçün bəzən 25–30,  bəzən 40 kilometr getmək lazım olur. Ona görə də bu məsələlər qaldırılır. Bu dəyişikliklər insanların daha da rahat, yaxşı yaşamaları üçün həyata keçirilir. Bələdiyyələrlə heç bir əlaqəsi yoxdur. Özünüz bilirsiniz ki, ərazi nümayəndəliyi ilə bələdiyyələr bir-birindən fərqlənən qurumlardır.  Dəvəçi rayonunun bir hissəsi dağlıq ərazidə yerləşir. Bir kənddən digərinə getmək üçün bəzən 25–30 kilometr yol qət etmək lazım gəlir. Həmin kəndlər buna görə ayrılır.
Sədrlik edən. Aydındır. Çox sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  2
Səs vermədi  0
İştirak edir  95
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Dəvəçi rayonunun  Şabran rayonu adlandırılması haqqında qanun layihəsi barədədir. Buyurun, Arif Rəhimzadə. Bu iclasda bizim hörmətli akademikimiz Teymur Bünyadov iştirak edir. Lazım olarsa, suallara cavab verə bilər. Yaqub müəllim, Siz də, xahiş edirəm, hazır olun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis üzvləri, müzakirəyə təqdim olunan layihə Dəvəçi rayonunun və Dəvəçi şəhərinin Şabran adlandırılmasını nəzərdə tutur. Şabran Şirvanşahlar dövlətinin ən qədim şəhərlərindən, onun mədəni, iqtisadi, inzibati mərkəzlərindən biri olub. Yazılı mənbələrdə bu şəhərin V əsrdə yarandığı qeyd olunub. Şəhərin adı qədim türk tayfası sabirlər  ilə əlaqədardır. Sabirlər haqqında məlumatlar hələ II əsrdə yunan alimi Ptolemeyin əsərində qeyd olunub. III əsrdən etibarən bu türk tayfası Qafqaz və Ön Asiyaya hücumlar etmiş, IV əsrdə mövcud Qazax və Şəmkir rayonlarının ərazisində məskunlaşmışdır. Şəhər müxtəlif vaxtlarda “Sabiran”, “Şabiran”, “Saburan”, “Şaturan” adlarını daşımışdır.  Şəhər səlcuqların, monqolların, osmanlıların işğalına məruz qalmışdır. XVIII əsrin başlanğıcında müşkürlü Hacı Davud və Qazıqumuxlu Surxay xanın dəstələri tərəfindən qarət edilib dağıdılmışdır.
Ulu öndər Heydər Əliyev Şabran şəhərinə həmişə diqqət yetirmiş, orada arxeoloji qazıntılar aparılmasına, şəhərin tarixinin öyrənilməsinə, tədqiqinə  böyük diqqətlə yanaşmışdır. 2003-cü ilin sentyabr ayından Prezidentin sərəncamına əsasən Şabranda dövlət qoruğu yaradılıb və fəaliyyətdədir. Dəvəçi şəhərində orta əsrlərdə karvansara və  həftə bazarı olubdur.
1944-cü ilə kimi Dəvəçi rayonu və şəhəri “Dəvəçibazar” adlandırılıbdır. Rayonun və şəhərin “Şabran” adlandırılması bu toponimin sıradan çıxarılmamasına xidmət edəcəkdir. Rayondan daxil olmuş müraciətə əsasən “Dəvəçi” adının Təzəkənd inzibati ərazi dairəsinə və eyni adlı ərazi vahidinə verilməsi təklif olunur. Məsələ qanunvericilik qaydasında Milli Məclisə daxil olduqdan sonra Milli Məclisin müzakirəsinə veriləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxışlardan  sonra biz Azərbaycan Tarixi İnstitutunun direktoru Yaqub müəllimə söz verəcəyik. Fazil Mustafa.
F.Mustafa. Oqtay müəllim, mən xahiş edirəm, Dəvəçidən olan millət vəkili Tahir Süleymanov yazıla bilməyib, ona söz verin, yerimə danışsın.
Sədrlik edən. Buyursun Tahir Süleymanov.
T.Süleymanov. Çox sağ olun, cənab Sədr. Çox sağ olun, Fazil müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən Dəvəçi rayonu və onun ərazisində olan qədim Şabran şəhəri haqqında məlumat vermək istərdim. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayon mərkəzi Dəvəçi qədim Dərbənd–Bakı karvan yolları üzərində bazar karvansarası olmuşdur. Eyni zamanda, bu ərazi dəvə karvanlarının dayanacaq yeri olmuş və burada həftə bazarları keçirilmişdir. Elə buna görə də bu rayon 1944-cü ilədək “Dəvəçibazar”, 1944–1963-cü illərdən isə “Dəvəçi” adlandırılmışdır. 1962-ci ildə Abşeron rayonuna birləşdirilən Dəvəçi 1965-ci ildən yenidən rayon kimi fəaliyyət göstərməkdədir. Rayonda 11 ərazi dairəsi, qaçqın və məcburi köçkünlərin yaşadıqları bir ərazi vahidi mövcuddur. Rayonun inzibati ərazisində 68 kənd vardır, inzibati mərkəzi Dəvəçi şəhəridir.
Rayonun ərazisində XVIII əsrin ortalarında Şirvanşahlar dövlətinin dini və mədəni mərkəzi Təbrizdən sonra ikinci şəhəri hesab olunan Şabran şəhəri yerləşir. Şabran şəhərinin adı çox qədim  mənbələrdə qeyd edilir. Şəhərin adına məşhur yunan alimi Ptolemeyin əsərində rast gəlmək mümkündür. Yazılı mənbələrə istinad edən tədqiqatçılar  Şabran şəhərini qədim türk tayfalarından savarlar, subarlar, sabirlərin adı ilə əlaqələndirirlər. Əvvəlcə “Sabiran”, yəni “Sabirlər ölkəsi”, daha sonra isə “Şabran” adlandırılan yaşayış yeri kimi şəhərin əsasının eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal olunur.
Tarixi mənbələrdə və o dövrün alim, səyyah və tədqiqatçı  mütəxəssislərinin əsərlərində, tarix və coğrafiya kitablarında Azərbaycanın Şamaxı, Qəbələ, Bərdə, Beyləqan və digər qədim şəhərləri ilə yanaşı, Şabranın da inkişaf etmiş şəhərlərdən biri olduğu göstərilmişdir. Mənbələrdə Şabranın adı X əsrdə Şirvanşahların inzibati mərkəzi kimi qeyd olunur. Şabran həm də liman şəhəri olmuşdur. Şəhərin qədim qalıqları ilə Xəzər dənizi arasında qısa bir məsafə vardır. Tarixi mənbələrdə, salnamələrdə şəhərin adı 1796-cı ilə qədər çəkilir. Şəhər XVIII əsrin əvvəllərində şimal xanlıqları, müşkürlü Hacı Davud  və Qazıqumuxlu Surxay xan tərəfindən qarət edilmiş, tamamilə dağıdılmışdır.
Şabran şəhərinin qədim qalıqları rayonun inzibati ərazisinin təqribən 70 faizini əhatə edən Vəlvələ çayından Girdi çayına qədər olan 65 min hektardan çox bir ərazini, həm də Şabran düzündə 110 hektarlıq ərazini əhatə etmişdir. İndi Şabran şəhərinin yerləşdiyi ərazidə və ətraf yerlərdə  Şahnəzərli, Aygünlü, Rəhimli və bir çox digər yaşayış məntəqələri yerləşir. Qədim Şabran şəhərinin yerləşdiyi ərazidə arxeoloji kəşfiyyat işlərinə ilk dəfə 1935-ci ildə ba-şlanılıb. Qısa fasilədən sonra 1939-cu ildə qazıntılar yenidən davam etdirilib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və xüsusi göstərişləri ilə 1979–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının arxeoloji ekspertizası Dəvəçi rayonu ərazisində Azərbaycanın ən iri yaşayış məntəqələrindən olan Şabran şəhərinin inzibati, yəni onun  divanxana hissəsinin ərazisində qazıntı işləri aparmış, şəhərin qalıqlarını açmışdır.
Ümummill liderimiz Heydər Əliyev 1983-cü ilin sentyabr ayında respublikamıza səfəri zamanı qədim Şabranda tarixi səfərdə olmuşdur. Aparılan arxeoloji qazıntı işləri ilə maraqlanmışdır. Ulu öndərimiz Şabranda aşkarlanmış qədim mədəniyyət nümunələrini yüksək dəyərləndirərək demişdir: “Şabran bizim qədim şəhərsalma mədəniyyətimizin minilliklər tarixini yaşadır. Biz buna baxdıqca nəinki o dövrün şəhər mədəniyyəti ilə, həm də iqtisadiyyatı ilə tanış oluruq”. Əbədiyaşar Prezidentimizin 2003-cü il 27 sentyabr  tarixli 1343 saylı sərəncamı ilə Şabran dövlət qoruğu elan edilmişdir. Bu tarixi sərəncamda göstərildiyi kimi, keçən əsrin 1930-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5 min kvadratmetrdən çox ərazidə aparılan arxeoloji qazıntılar tarixi faktlar əldə etməyə imkan vermişdir.
Şərqin ən böyük zərbxanalarından biri Şabranda yerləşmişdir. Şabran qızılın əyarını ölçən məhəkdaşının hazırlanması ilə də məşhur olmuş, dünyanın 30-a yaxın ölkəsi ilə  mədəni-iqtisadi əlaqələr yaratmış, müxtəlif ölkələrə ipək, məhəkdaşı, qiymətli xalılar, meyvə qurusu, taxıl ixrac etmişdir. Şabranda 7 küçə, 70-dək ibadətgah, azyaşlı uşaqların təlim-tərbiyəsi üçün mədrəsələr, tədris ocaqları, X–XIV əsrlərə aid qalalar, memarlıq abidələri, həbsxana kompleksi, ictimai binalar, şüşə və metal məmulatları hazırlayan istehsal ocaqları, misgər və zərgər emalatxanaları olmuşdur.  Şabranlıların yaratdıqları mədəni abidələrin içərisində müxtəlif dinlərə aid tarixi yadigarlar, o cümlədən həkkaklıq sənəti nümunələri də diqqəti cəlb edir. Bunlar həm İslamaqədərki, həm də müsəlman mədəniyyəti dövrünü əks etdirir.
Böyük Azərbaycan şairi Əfzələddin Xaqani şaha xəyanətdə ittiham edilərək haqsızlığın qurbanı olmuşdur. Şirvanşah tərəfindən Şabran zindanına salınmış və öz məşhur “Həbsiyyə” əsərini də bu zindanda yazmışdır.  Görkəmli Norveç alimi, məşhur dəniz səyyahı Tur Heyerdal 1981-ci ildə Azərbaycanda qonaq olarkən Şabran şəhərində gedən arxeoloji qazıntı işləri ilə maraqlanmış, bu qədim şəhəri orta əsr Şərqinin nadir abidəsi adlandıraraq öz təəssüratında  yazmışdır ki, “Şabran vasitəsi ilə biz sizin xalqın keçmişinə çox yaxşı səyahət edə bildik”. Şabran şəhəri XVIII əsrin ortalarında əhalinin mərkəzi hakimiyyətə qarşı çıxışlarının və yadelli işğalçıların hücumları nəticəsində tənəzzülə uğrayaraq dağılsa da, Azərbaycan tarixində  mühüm yer tutan Şirvanşahlar dövlətinin paytaxt şəhərlərindən biri olub, xalqımızın vətənpərvərlik, şərəf, qürur mücəssiməsi kim özünəməxsus yer tutmuşdur. 
Şabranın tarixi haqqında çox danışmaq olar. Vaxtınızı almaq istəmirəm. Bu gün Dəvəçi rayonunun və şəhərinin “Şabran” adlandırılması Dəvəçi rayonu ziyalılarının, ictimaiyyətinin də arzusudur. Mən deputat həmkarlarımı  bu qa-nun layihəsinin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Tahir müəllim, çox sağ olun, təşəkkür edirəm.  Çox gözəl elmi, tarixi təhlil verdiniz, minnətdaram. Hörmətli deputatlar, bu məsələ ilə bağlı 13  deputat çıxışa yazılıb. Bayaq hörmətli Sədr də qeyd etdi, hörmətli həmkarımız akademik Yaqub Mahmudov iclasda iştirak edir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun bu məsələ ilə bağlı rəyi var. Mən çox istərdim, Yaqub müəllim bu məsələyə bir balaca aydınlıq gətirsin. Düzdür, Tahir müəllim çox geniş, müfəssəl danışdı, amma çox istərdik, Yaqub müəllim də bu məsələyə münasibətini bildirsin.
Y.Mahmudov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu gün Milli Məclisin müzakirəsinə çıxarılan məsələ, əslində, bizim tarixi adlarımızın gerçəkləşməsi, milli mənəviyyatımızın, tarixi keçmişimizin yenidən  canlandırılması ilə bağlı məsələdir. Mən həmkarlarımı bu məsələyə səs verməyə çağırıram.  Məsələ burasındadır ki, bizim yerləşdiyimiz Abşeron rayonundan başlayaraq Dərbəndə qədər Azərbaycan ərazilərində tarixi keçmişi əks etdirən toponimlər dəhşətli dərəcədə zaman-zaman saxtalaşdırılmışdır. Bunlardan biri də Şabranla bağlı bəzi mülahizələrdir.
Tarixçilər bəzi hallarda ərəb mənbələrinə əsaslanaraq bu adı sasanilərlə bağlayırlar. Mən bu gün Milli Məclisi əmin etmək istəyirəm, Azərbaycanın bu bölgəsi sasanilərdən çox qabaq ən qədim insan məskənlərindən biri idi.  Şabranın da daxil olduğu ərazi massagetlərlə bağlı olaraq “Məskətdüz” adlanırdı. Eramızdan əvvəl V–IV əsrlərdə burada massagetlərin güclü dövləti olmuşdur. Kiri də burada məğlub etmişdilər. Tomiris də bu yerin hökmdarı olmuşdur. Ona görə də bu məsələyə təkcə Azərbaycanın Xəzər sahilləri ilə bağlı baxmaq doğru deyil. Sizi bu məsələyə geniş baxmağa çağırıram. Sabir türkləri ilə əlaqədar çox geniş ərazilərdə yer adları var. “Sabiran” adında Orta Asiyada bir neçə yer adları var. Azərbaycanın müxtəlif ərazilərində “Sabiran” və  “Suranlar” kimi yer adları var. Mahmud Kaşqarinin “Divani-lüğət it-türk” əsərində məhz bununla əlaqədar olaraq “Sabiran” işlənir. Azərbaycanın Şirvan bölgəsi deyilən tarixi vilayətin adı buradan başlanır. Sabiran, Şabran, sonra Şirvan olaraq bütün Arazdan şimala qədər ərazi buraya aid edilir. Sabiranın paytaxtı həmin Şabran olub, sonradan paytaxt Şamaxıya köçürülüb. Buradakı tapıntıların hamısı eramızdan çox qabağa gedib çıxır.  Ptolemeyin  “Çoğrafi təlimnamə” əsərində bu ad başqa formada  işlənilir.
Çox görkəmli tədqiqatçılar bununla əlaqədar olaraq fikir söyləyiblər. Məşhur şərqşünaslar Krımski, Artomonov, Bartold və bir çox görkəmli tarixçilər bu məsələləri araşdırıblar. Geniş türk dünyası ilə, bizim qədim tariximizlə bağlı olan bu adın dirçəldilməsi ən azı 1800 illik bir tarixi olan şəhərimizin adının özümüzə qaytarılması deməkdir. Təkcə bu adın özümüzə qaytarılması demək deyil. Şabranla bağlı çox zəngin bir mədəniyyət, sənətkarlıq, ticarət tariximiz var. Bu məsələlərin hamısına yenidən baxmaq lazımdır. Məsələn, rus mənbələrində bu ad “Abşeron” kimi işlənib və sonralar “Abşeron” adını başqa yerə yozmağa başlayıblar. Əslində isə bu “Əbşeron”dur. Şabranda da Əfşar xanın çox məşhur bir məscidi olub, Uzun Həsənin məscidi olub. 40–50-yə qədər məhəllələr, mədrəsələr şəhər tarixi mədəniyyətimizi əks etdirir. Məsələn, Dərbənd şəhərinin 5 min illik tarixi var. Bunu da sasanilərlə əlaqələndirirlər. Xosrov Ənuşirəvan bu şəhəri möhkəmləndirib, adını onunla bağlayırlar, guya Dərbəndi o tikdirib. Amma lap qədimdən bura “Dəmir qapı” adlandırılıb.
“Şabran” adı sabirlərlə bağlıdır. Burada  böyük elmi həqiqət var. Bizim tariximizdir. Mənim təklifim bundan ibarətdir ki, biz bu qanun layihəsini səsə qoyub qəbul edək. Amma eyni zamanda, “Dəvəçi” sözünü saxlamaq lazımdır. İndiki Dəvəçiyə bitişik orada Dəvəçikənd var. Oranı ya qəsəbə, ya da kənd kimi saxlamaq lazımdır. “Dəvəçi” sözü orada qalsın, çünk Dəvəçinin də karvan ticarəti ilə bağlı bir tarixi var, bu adı itirməyək. Amma rayonun adı “Şabran” ol-sun. Bununla biz öz qədim şəhər mədəniyyətimizi, mədəni tariximizi qoruyarıq, sabirləri, massagetləri, Tomirisi qayta-rarıq və sair. Mən çox geniş danışmaq istəmirəm. Sizi əminliklə buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Yaqub müəllim. Mən hesab edirəm ki, hörmətli Yaqub müəllimin çıxışından sonra bu qanun layihəsini müzakirə etməyin daha yeri yoxdur.  Yaqub müəllim kifayət qədər məlumat verdi, elmi cəhətdən əsaslandırdı. Çox geniş arayış da var. Siyavuş müəllim, sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim təkid edir. Siyavuş Novruzov.
S.Novruzov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, mən, ümumiyyətlə, yer adlarının dəyişdirilməsi prinsipinin əleyhinəyəm. Konkret olaraq bu məsələ haqqında Yaqub müəllim də dedi, hörmətli Arif müəllim də layihəni təqdim etdi, hörmətli Teymur müəllim də iclasda iştirak edir, Tahir müəllim də məlumat verdi. Sovet hakimiyyəti dövründə verilən adların –yupiter, kosmos, Kirov və sair kimi adların dəyişdirilməsini başa düşmək olar. Müasir Azərbaycan türkcəsində olan adlar var. 50–100 il öncə mən yaşamamışam, görməmişəm. Orada hansı xanlıqlar olublar, kimsə bir kitab yazıb qoyub ortaya.
Konkret Dəvəçi rayonu haqqında demək istəyirəm ki, bu adın nəyi pisdir? Azərbaycan dilində “dəvəçi” sözü var. Dəvə eramızdan əvvəl də var idi, eramızdan sonra da var. Aydın, lakonik şəkildə istifadə olunan sözdür. Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı çox gözəl işlər görür. Novruz müəllim əvvəl işlədiyi rayonda – Lerikdə də çox böyük adablıq işləri aparırdı. Yüz illərlə insanlar burada yaşayıblar. İndi fikirləşin,  burada nə qədər möhür, ştamp, blank dəyişdirilməlidir. İnsanların psixologiyasında bir dəyişiklik baş vermir.
Xanlar rayonunun adının dəyişdirilməsini başa düşdüm. Mən onun da əleyhinəydim. O vaxt babam belə başa düşmüşdü ki, Xanlar Səfərəliyev öz xalqını xoşbəxt edə bilər. Bu onun düşüncə  tərzi idi. Yaxşı, bunu dəyişdirdik, “Göygöl” rayonu oldu. Olsun. Amma sırf Azərbaycan dilində olan adlar var. Kənd adlarını da dəyişməyə başlayırıq. Biri deyir, bu kəndin adı “Molla Vəli” olubdur, o biri deyir, filan olub.  Bu cür yanaşma ilə biz indi normal tariximizi yazaq, stolun üstünə qoyaq, millətin kökünü müəyyənləşdirək? Biri farsa, biri türkə, biri də ərəbə bağlamasın. Konkretləşdirək bu məsələləri. Bu konkretləşəndən sonra bütün məsələlər öz həllini tapacaq.
Yenə deyirəm, bütün fikirlərə hörmətlə yanaşıram və gələcəkdə belə məsələlərin ortaya çıxmasının əleyhinəyəm, Ziyafət müəllim. Biz yer adlarını dəyişə-dəyişə gedirik. Gədəbəy rayonunun 4 min illik tarixi var. Sabah  bir icra başçısı 5 adam yığacaq ki, gəlin Gədəbəyin adını dəyişək və  Gədəbəy rayonunun adını dəyişməyə başlayacaqlar? Bu, ta-rixi dəyişmək olur. Bu, əhalinin psixologiyası ilə bağlı bir məsələdir. Mən hesab edirəm ki, bu gün layihəyə səs verək, bunu Şabran kimi qəbul edək, mən buna tərəfdaram. Yaqub müəllim də əsaslandırdı ki, türkçülükdən irəli gələn bir məsələdir. Belə çıxır ki, biz qadınların hamısına “Fatmanisə” adını qoymalıyıq? Bu gün Firuzə, Vəfa, başqa adlar qoymaq olmaz? Keçmişdə Fatmanisə olub. Kişilərin adı Həsənqulu olmalıdır? Anar, Elçin və sair başqa adlar qoymaq olmaz?
Bu tamam başqa-başqa məsələlərdir. Yenilik var, bu yeniliklə də ayaqlaşmaq lazımdır. 100 il bir tarixdir, bir insan ömrüdür, ömür fəlsəfəsidir. Elə bil ki, evini söküb təzədən tikmək məsələsidir. Mən hesab edirəm ki, gələcəkdə bu məsələlərə biz xüsusi diqqətlə yanaşmalıyıq. Belə qarışıq şeylər yaradanda da qonşularımız deyirlər ki, görmürsünüz, hələ özləri müəyyən edə bilməyiblər ki, burada nə var. Biri İnternet saytında verir ki, bu bizim söz olubdur. Tutaq ki, Dəvəçi olmayıb, Şabran olub. Başlayırlar bu məsələlərdən sui-istifadə eləməyə.  Ona görə də nə varsa, bu bizimkidir.
Türkiyənin indiki ərazisində böyük türk dövləti olub? Türk dövləti Altaydan,  Qərbi Sibirdən başlayır?  Bu gün burada yerləşir. Deyir: qardaş, bura mənimdir, vəssalam. Efes şəhəri də var, onda Efes şəhərinin də adını dəyişsin?  Efes şəhəridir, Efes də qalır, qurtardı getdi. Deyirlər ki, bir vaxtlar burada yunanlar yaşayıblar. Yaşayıblar, lap yaxşı, bu gün  mən yaşayıram, qurtardı getdi. Bura mənim ərazimdir. Bu baxımdan da biz  nəyi isə guya bərpa etmək istəyirik, əslində isə bəzi şeyləri də korlayırıq. Ona görə də mən hesab edirəm ki, gələcəkdə belə məsələlərdə biz çox diqqətli olmalıyıq. Azərbaycan adı, soyadı, ifadəsi, türk sözüdürsə, bunu dəyişməyə ehtiyac yoxdur. Qədimdə Azərbaycanın ərazisində min dövlət olub. Hər gələn bir dövlət yaradırdı. İndi hər birinin adını gətirək. Naxçıvanın adını dəyişib qoyaq Atabəylər? Orada Atabəylər olublar. Məsələyə bu cür yanaşmaq olmaz. Müasir dövrdə nə varsa, onu qəbul etmək, bu sahədə də  işimizi davam etdirmək lazımdır. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.08 dəq.)
Lehinə  88
Əleyhinə  2
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  91
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsidir. Musa Quliyev buyursun.
M.Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, cənab Prezident tərəfindən “Qa-çqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisə göndərilmişdir.
Layihədə çox kiçik bir dəyişiklik nəzərdə tutulur. Layihənin 12-ci maddəsində qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə müəyyənləşdirilmiş nümunədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın vəsiqəsi verilməsindən söhbət gedir. Mövcud qanuna görə bu vəsiqələr yalnız qaçqına və onun 16 yaşına çatmış ailə üzvünə verilirdi və Azərbaycan Respub-likasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmirdi. İndiki dəyişikliyə görə həm qaçqının özünün və ailə üzvlərinin statusları genişlənir, həm də onlara verilən vəsiqənin müvafiq icra hakimiyyəti tərəfindən standart formada, vahid formada təsdiq olunması nəzərdə tutulur.
Onu da qeyd edim ki, bu dəyişiklik, yəni bu vəsiqələrin verilməsi 1988-89-cu illərdə Ermənistan SSRİ-dən öz ata-baba yurdlarından deportasiya olunmuş soydaşlarımıza şamil edilmir. Çünki onlar Azərbaycan Respublikasının vətəndaşlığını alıblar. Onlarda Azərbaycan Respublikasının vətəndaşlıq vəsiqəsi və pasportları vardır. Bu yalnız digər ölkələrdən Azərbaycan Respublikasına gəlmiş, vətəndaşlığı olmayan şəxslərə aiddir. Söhbət onların Azərbaycan Respublikasında yaşamasını  və respublikadan kənarda hərəkət etməsini təmin etmək üçün verilən vəsiqədən gedir. Qanun layihəsi Sosial siyasət komitəsinin 11 mart tarixli iclasında müzakirə olunmuş və Məclisə tövsiyə edilmişdir. Xahiş edirəm, layihəyə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Sahverdiyev. Çox sağ olun, hörmətli Sədr. Həmkarım Musa müəllim dedi ki, bunlar kiçik dəyişikliklərdir. Əslində, bu, kiçik dəyişiklik deyil. Əvvəla, burada yaş məhdudiyyəti götürülüb. İkincisi, vəsiqənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsi tamamilə düzgün məsələdir. Mən də bu dəyişikliyin tərəfdarı olacağam və lehinə səs verəcəyəm.
Bilirsiniz ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun ilk dəfə parlamentdə 1999-cu ildə qəbul olunub və ulu öndər tərəfindən imzalanmışdır. Həmin qanun bu günə kimi qüvvədədir. Amma ötən 11 ildə qaçqın və məcburi köçkünlərin həyatında, sosial həyatında, məişətində, digər hüquqi və siyasi sahədə müxtəlif dəyişikliklər olubdur. Görünür, gələcəkdə bu qanunun yenidən işlənməsi,  yaxud belə əlavələrin sayı çoxalmalıdır.
Oqtay müəllim, günün birinci yarısında burada İnsan hüquqları üzrə müvəkkilin məruzəsi ilə bağlı bəzi fikirlər söyləndi. Guya qaçqın və məcburi köçkünlərə müvəkkil tərəfindən az diqqət yetirilir. Mən bu fikirlə razı deyiləm. Özüm məcburi köçkün rayonundan seçildiyimə görə dəfələrlə müvəkkilin işçilərinin və Elmira xanımın özünün qaçqın və məcburi köçkün qəsəbələrində, şəhərciklərində olmasının şa-hidi olmuşam. O, qaçqınların problemləri ilə yaxından məşğul olub və gücü çatan qədər onları həll eləməyə çalışıb.
Bilirsiniz ki, “qaçqın və məcburi köçkün” ifadəs Azərbaycan dilinin leksikonuna 1988–1993-cü illərdə daxil olub və cəmiyyətin hər bir üzvü onların düşdüyü bu vəziyyət üçün müəyyən qədər məsuliyyət daşıyır. Bu məsuliyyəti heç vaxt yaddan çıxarmaq olmaz. Bu gün qaçqın və məcburi köçkünlərin bütün problemləri ilə cənab Prezident İlham  Əliyev şəxsən özü məşğul olur, onların problemini ölkənin və özünün bir nömrəli problemi hesab edir. Onun həyata keçirdiyi daxili siyasət nəticəsində bu gün, praktiki olaraq, çadır şəhərcikləri ləğv olunub, məcburi köçkünlər abad yerlərdə, müasir infrastruktura malik qəsəbələrdə məskunlaşıblar. Bakı şəhərində  müəyyən yataqxanalarda yaşayan insanlar var. Cənab Prezidentin Ehtiyat Fondundan ayırılan vəsaitin hesabına onlar da bu yaxınlarda abad evlərə köçürüləcək.
Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi var və həmin komitə də yüksək səviyyədə öz fəaliyyətini həyata keçirir. Yəni qaçqınların vəziyyəti qabaqkı kimi deyil. Artıq qaçqınların və məcburi köçkünlərin problemlərinin həll olunması üçün cənab Prezidentin rəhbərliyi altında bütöv bir dövlət sistemi yaradılıb. Bunları mən məcburi köçkün rayonundan olan bir deputat kimi bildirməyi özümə borc bilirəm. Bu yalnız mənim sözlərim deyil, eyni zamanda, mənə müraciət edən məcburi köçkünlərin ürək sözləridir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Sağ olun, Oqtay müəllim. Mən də bu gün hörmətli həmkarım Musa müəllimin təqdim etdiyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsini dəstəkləyirəm. Həqiqətən də, biz hər birimiz bunu minnətdarlıqla qeyd etməliyik ki, respublikamızda məskunlaşan 1 milyondan artıq qaçqın son illərdə yüksək səviyyədə, beynəlxalq standartlara, ən müasir tələblərə uyğun şəkildə yerləşdirilib. Respublikamızda, demək olar ki, qaçqın şəhərciyi ləğv olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimizin sonuncu fərmanı ilə  yataqxanalarda və digər yerlərdə məskunlaşmış 700 qaçqın ailəsinin yaxın zamanlarda xüsusi qəsəbədə məskunlaşması ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb.
Çox hörmətli Oqtay müəllim, mən bayaq Dəvəçinin adının dəyişməsi ilə bağlı sual vermək istəyirdim. Mənim demək istədiyim fikirlər, demək olar ki, həmkarlarım tərəfindən səsləndirildi. Burada respublikamızın çox tanınmış alimləri öz fikirlərini söylədilər. Mənim Sizdən xahişim nədir? Milli Məclisdə Toponimiya komissiyası var. Bu gün  respublikamızın bütün bölgələrində sovet dövründən, belə deyək, Nikolaydan qalma adlar var. Məsələn, təkcə təmsil olunduğum Şəmkirdən mən bir neçə ad deyəcəyəm. İcra hakimiyyəti, bizim hörmətli Nazim müəllim də dəfələrlə deyir ki, bu adları dəyişdirmək imkanına malik deyilik.
Ona görə mən  seçicilərimin də xahişini Sizə çatdırmaq istəyirəm ki, Toponimiya komissiyasına Sizin tərəfinizdən tapşırıq verilsin, respublikamızın ərazisində Nikolaydan, sovetdən qalma adlar dəyişdirilsin. Məsələn, bizim rayonda, Şəmkir rayonunda “Pravda” adında yaşayış məntəqəsi var. Hamıya məlumdur ki, Pravda nə deməkdir. Yaxud “Varlı həyat”, “Zəhmətkeş”. Bu adlar hamısı sovet dövründə qoyu-lubdur. Onların öncəki adları çox gözəldir, əsil Azərbaycan, türk adlarıdır, tarixi adlardır, hansısa mənanı özündə ehtiva edən adlardır. Yəni ildə rayondan bir ərizə gələcək, biz də buna baxacağıq.
Artıq 19 ildir, biz müstəqilik. Mən hesab edirəm ki, adların dəyişdirilməsi məsələsini biz çoxdan həll etməli idik. Ona görə mən Sizdən çox xahiş edirəm. Bizim soy isimlərimizin sonluqlarının dəyişdirilməsi kimi, bu da uzun vaxt tələb etmir. Rayondakı yer adlarının Toponimiya komissiyası tərəfindən ekspertizası, monitorinqi keçirilə bilər. Sonda ümumi qaydada parlamentdə bu məsələyə baxıla bilər. Hesab edirəm ki, bu, işimizin daha operativ həll olunmasına dəstək verərdi. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Milli Məclisin Toponimiya komissiyasına sifariş verilmir. Söhbət ondan ge-dir ki, Sizin dediyiniz rayonun icra hakimiyyəti, rayonda yaşayan insanlar bəlkə deyəcəklər ki, “Zəhmətkeş” adı qalmalıdır. Onlar özləri Toponimiya komissiyasına müraciət eləməlidirlər. Biz burada heç bir məsələni rəy sorğusu keçirməmiş, məktub gəlməmiş Toponimiya komissiyasına göndərmirik. Başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.18 dəq.)
Lehinə  84
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  85
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bu, kiçik bir texniki dəyişiklikdir və qanunvericiliyimizin unifikasiyası ilə bağlıdır. Sadəcə, xatırlamaq istəyirəm ki, 2 oktyabr 2009-cu il tarixdə “Prokurorluq haqqında” Qanundakı “xüsusi rütbə” ifadəsindən “xüsusi” sözü çıxarılmışdır. Məhz buna görə də Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnaməyə də eyn düzəliş edilməlidir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.19 dəq.)
Lehinə  83
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  84
Nəticə: qəbul edildi

Çox sağ olun. 
Növbət və sonuncu məsələ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna  əlavələr və dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov buyursun. Bu qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev də iştirak edir. Suallara o da cavab verə bilər. 
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Əlbəttə, məhkəmə-hüquq islahatlarının aparılması Azərbaycanda vəkillik və vəkillik fəaliyyətinin müasir standartlara cavab verən bir səviyyədə qurulması ilə bağlı olub. Bizim “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunumuz mövcud idi. Bir neçə il bundan əvvəl biz həmin qanuna vəkillik institutunun daha da möhkəmləndirilməsi ilə bağlı çox mütərəqqi dəyişikliklər etdik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, hazırda həyata keçirilmiş islahatlar nəticəsində bu gün məhkəmələrdə çəkişmə prinsipi mövcuddur və vəkil  məhkəmə çəkişməsinin, məhkəmə hüquq-icraatının  çox mühüm bir tərəfinə çevrilmişdir.
Təklif olunan əlavələr və dəyişikliklər  vəkillik institutunun daha da möhkəmləndirilməsinə, onun fəaliyyətinin daha dəqiq tənzimlənməsinə xidmət göstərir. 4-cü maddəyə edilən əlavə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə vermiş şəxsin də Azərbaycan Respublikasının Ali Məhkəməsində, Konstitusiya Məhkəməsində təmsil edilməsinin vəkilin müstəsna səlahiyyəti dairəsinə aid olmasını göstərir. Biz bilirik ki, bu instansiyalarda, yəni kassasiya instansiyasında, Konstitusiya Məhkəməsində, Konstitusiya nəzarəti instansiyasında vəkilin iştirakı müstəsnadır, mütləqdir. Amma bu  əlavənin  mahiyyəti onunla bağlıdır ki, biz qanunvericiliyimizə bir müddət öncə “məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması” müddəasını əlavə etmişdik. Bu hal da vəkilin iştirakını məcburi edir.
Növbəti vacib dəyişikliklərdən biri 8-ci maddəyə edilən  əlavələrlə bağlıdır. Bu maddə, ümumiyyətlə, kimlərin vəkil kimi fəaliyyət göstərməsini tənzimləyir. Yəni hansı şəxslər vəkil ola bilərlər? Eyni zamanda, vəkillik fəaliyyətinə qəbulun prosedurunu özündə müəyyənləşdirir. İlkin variantda qeyd olunurdu ki, əvvəllər müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillər və hakimlər göstərilən test imtahanı vermədən vəkil ola bilərlər. Amma hazırda bu prosedur belədir: yazılı test və icbari təlim. Əslində, bu anlayışlar dəyişdiyinə görə, yən “test və ixtisas imtahanı” yox, “yazılı test  və icbari təlimə cəlb olunma” anlayışları  olduğuna görə təklif olunur: “əvvəllər vəkil və ya hakim olmuş şəxslər yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsabiqədən keçdikdən sonra vəkil ola bilərlər”. Gördüyünüz kimi, mötərizədə “intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla” göstərilib. Yəni o şəxslər ki vəkil kimi fəaliyyət göstəriblər, amma onların fəaliyyətinə xitam verilib,  artıq həmin şəxslərin belə bir imkanı olmayacaq. Yəni daha dəqiq desəm, onların yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil olmaq kim güzəştli imkanı artıq olmayacaq?
Yerdən. (Eşidilmir.)
Qeyd edim ki, belə bir təklif səslənib. Hörmətli Valeh müəllim tərəfindən belə bir istisna qeyd olunub. Yəni o kəslər ki əvvəllər hakim işləyib, intizam məsuliyyətinə cəlb olunub,  digər hüquq mühafizə orqanlarında fəaliyyətlərinə xitam verilib və sair. Mən deyə bilərəm ki, bu məsələni müvafiq qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırmışam. Yəni bu, müzakirə predmeti ola bilər. 
İkinci təklif,  əslində, terminologiya ilə bağlıdır. Amma mahiyyəti ondan ibarətdir ki, hazırkı vəziyyətdə  Konstitusiya Məhkəməsinin hakimləri, habelə Apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin sədri vəzifəsində çalışmış şəxslər göstərilən testi vermədən, daha doğrusu, yazılı testi vermədən, şifahi müsabiqədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
Yeri gəlmişkən, qeyd edim ki, layihədə bir texniki səhvə yol verilib. İlyas İsmayılov bu barədə təklif bildirmişdi. “Vəkil ola bilməzlər” sözü burada qeyd olunmamışdır. Tamamilə düzgün bir təklifdir və biz artıq onu düzəltmişik. Bununla da bağlı fikir mübadiləsi olub. Ümumiyyətlə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun hazırlanarkən belə bir təklif olmuşdu ki, Konstitusiya Məhkəməsinin hakimləri, Apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin sədrləri, belə deyək, bu testi vermədən, şifahi müsabiqədən keçmədən vəkil ola bilsinlər. Amma artıq bu qanun qüvvədədir. Yəni bu prosedur işləyir. Misal üçün, şəxsən mənim  mövqeyim bir qədər fərqli idi. Mən düşünürəm ki, hakim hakimdir. Məhkəmə sədri olsun, yaxud  sıravi hakim. Amma demək istəyirəm ki, bu  edilən dəyişiklik  prosedur qaydanı tənzimləyir. Ümumilikdə, bu gün də bizim qanunvericiliyimizdə Konstitusiya Məhkəməsinin hakimləri, habelə Apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin sədrləri üçün,  əgər onlar vəkil olmaq istəyirlərsə, belə bir güzəştli prosedur nəzərdə tutulub.
10-cu maddə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını tənzimləyir. Qeyd edim ki, burada ikinci bənd mövcud idi və bu bənd Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilə bilən məsələləri sadalayırdı. Qanunvericilik göstərirdi ki, bu məsələlər, misal üçün, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin qəbul edilməs ümumi yığıncaqda həll oluna bilər. Amma belə çıxırdı ki, bu olmaya da bilər. Hesab edirəm ki, bu baxımdan indiki dəqiqləşdirmə, düzəliş yerindədir. Yəni Vəkillik Kollegiyasının büdcəsinin müəyyən edilməsi, üzvlük hallarının  müəyyən edilməsi kimi bu sıra hallar Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətidir. Bu onların üzərinə bir öhdəlik qoyur. Vəkillər Kollegiyası ümumi yığıncağını keçirməlidir və onların fəaliyyətini tənzimləyən bu cür məsələləri həll etməlidir. Yəni qanunvericilik burada çox dəqiq bir norma müəyyənləşdirir. Hesab edirəm ki, bu, eyni zamanda, Vəkillər Kollegiyasının işin daha düzgün tənzimləyər.
Digər düzəliş 19-cu maddədə verilən anlayışla bağlıdır. Bizim qanunvericilikdə artıq “aztəminatlı” anlayışı mövcud idi. Amma indi bunun əvəzinə “vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan” anlayışı təklif olunur.
Nəhayət, “Vəkillərin insan məsuliyyəti” adlı çox vacib bir maddə mövcuddur. Bu maddənin 7-ci bəndinə belə bir əlavə təklif olunur: “Barəsində vəkillik fəaliyyəti ilə məşğul ol-manın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz”. Hesab edirəm ki, bu çox ədalətlidir. Birincisi, Vəkillər Kollegiyası  kollegial bir orqandır. Ümumiyyətlə, bir vəkil haqqında vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul olunmuşsa,  artıq onun Vəkillər Kollegiyasının seçkili orqanlarında təmsil olunmasının özü məntiqdən kənardır. Bu, bütövlükdə bütün vəkilləri yaxşı mənada intizama cəlb edəcək.
Çıxışımın sonunda  qeyd etmək istəyirəm ki, əlbəttə, vəkillik institutunun formalaşdırılması çox mürəkkəb bir pro-sesdir. Məhkəmə-Hüquq Şurası, məhkəmə islahatlarını həyata keçirən bütün şəxslər bu məsələyə çox diqqətlə yanaşırlar. Peşəkar vəkillərin olması çox vacibdir. Çünki bu, əslində, məhkəmədə ədalətli qərarların qəbul olunması üçün də  yar-dımçı vəzifədir. Eyni zamanda, qeyd etmək istəyirəm ki,  hazırda bir çox peşəkar və savadlı vəkillər hakim testlərini uğurla verirlər və artıq hakim kim fəaliyyət göstərirlər. Düşünürəm ki, cənab Prezident tərəfindən təklif olunmuş bu əlavə və dəyişikliklər də vəkillik institutunun daha da möhkəmləndirilməsinə xidmət edəcək. Cənab Sədr, Sizin də söylədiyiniz kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hörmətli Azər müəllim Tağıyev də bizim iclasımıza dəvət olunub. Başqa təkliflər, fikirlər olarsa, birgə müzakirə etməyə hazırıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mən hesab edirəm ki, bu, cəmiyyət həyatında kifayət qədər aktual bir məsələdir. Bu dəyişikliklərin həyata keçirilməsi hər halda müsbət bir niyyətdən xəbər verir. Ümumiyyətlə, vəkillik institutuna münasibətdə bir dəyişiklik olmalıdır. Bu da nədən ibarətdir. Vəkillik institutuna həddindən artıq dövlətin nəzarəti altında,  dövlətin tənzimlənməsinə tabe olan  institut kimi baxılır. Əslində, bu yanlışdır. Mən hesab edirəm ki, bu düşüncə tərzi dəyişərsə, vətəndaşların, yaxud ayrı-ayrı hüquqi şəxslərin hüquqlarının müdafiə olunması istiqamətində vəkillərin müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda vəkillərin adambaşına düşən sayı bütövlükdə dünya göstəricilərindən, Avropa göstəricilərindən qat-qat aşağıdır. Üstəlik çox az sayda rəqəmlə ifadə olunur. Ola bilər, indi son statistikanı  deməklə mən bir az yanlışlığa  yol verirəm. Amma ümumi tendensiya budur ki, son vaxtlar müvafiq qurumların qarşısında vəkillərin sayının artırılması məsələsi beynəlxalq təşkilatlar tərəfindən də qoyulur. Ona görə də bu məsələdə, məncə, bir qədər daha fərql siyasət yürüdülməlidir. Vəkillik peşəsinin əldə olunması asanlaşdırılmalıdır.
Açığı,  bu, hakimlik deyil, bu, prokurorluq orqanlarının işçisi deyil, başqa qurumların, məsələn, hüquq mühafizə orqanının işçisi deyil ki, bunu o qədər testlərdən,  sınaqlardan,  yoxlamalardan keçirəsən. Bu həm də rəqabətə dayanıqlı bir işdir. Deyək ki, kim yaxşı, savadlı hüquqşünasdırsa, kim öz işini daha ağıllı və səmərəli şəkildə həyata keçirirsə, insanlar ona müraciət edirlər. Bu rəqabət mühitində kim daha qabiliyyətlidirsə, o daha çox qazanacaq, nüfuz əldə edəcək, daha ciddi işlərə çıxa biləcək və məhkəmə qərarlarına təsir göstərə biləcəkdir.
İstərdim ki, burada bir məsələyə bir az  fundamental yanaşaq. Tutaq ki, Azərbaycanda hüquq elmləri doktoru alim-lik dərəcəsi alan şəxslər uzaq başı  20 nəfər, 30 nəfər olsun. Onlarla fəlsəfə elmləri doktoru, hüquq ixtisası üzrə müdafiə etmiş şəxslər var. Niyə bunlar  sərbəst şəkildə vəkil ola bilməsinlər? Elmi dərəcələri var, titulları var. Deyək ki, hamı Ali Məhkəmənin  sədri olmur ki. Ali Məhkəmənin, yaxud yerli birinci instansiya məhkəmələrinin hakimləri niyə vəkil olmasınlar? Burada bəlkə müddət müəyyən etmək olar. Məsələn, 10 ildən artıq prokurorluq orqanında çalışmış şəxs kifayət qədər savad toplayır, kifayət qədər təcrübəyə malikdir. Əgər deyək ki, müxtəlif səbəblərdən, işdə yol verdiyi nö-qsanlara görə orqandan azad edilməyibsə, yaxud  intizam məsuliyyəti, cinayət məsuliyyəti yoxdursa, niyə bu şəxs ra-hatlıqla vəkil olmasın? Yəni bunu bir əlahiddə peşə kimi çətinləşdirmək, bir az  test maneələrini həddindən artıq çox qoymaq, məncə, vəkillərin sayının artmasına mane olur.
Bir müsbət hal o idi ki, əvvəllər bir saat üçün dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə 99 qəpik  ödənilirdi. Sonra bu, Nazirlər Kabinetinin qərarı ilə 2 manata qaldırıldı. Söhbət bu rəqəmin qaldırılmasından getmir. Dövlət hesabına göstərilən  xidmətin keyfiyyətinin kifayət qədər aşağı olduğuna diqqəti cəlb etmək lazımdır.  Tutaq ki, bizim hüquq mühafizə orqanları vətəndaşı tuturlar, amma vətəndaşın  vəkil tutmağa pulu olmur. Maddi vəsaiti ödəməyə imkanı yoxdur. Dövlət tərəfindən təyin olunan vəkillər çox vaxt məhz istintaq orqanının marağını təmsil edirlər. Bu belə olmamalıdır. İstintaq orqanı ilə vətəndaş arasındakı münasibətdə dövlətin üstünlüyü istintaq orqanına verməsi doğru deyil. Əgər söhbət vətəndaşın hüququnu qorumaqdan gedirsə, demək, bu sahədə dövlət hesabına tutulan vəkillərin məsuliyyətinin  artırılması məsələsi olduqca vacibdir.
Mən hesab edirəm ki, bu dəyişikliklər edilirsə, buna daha geniş imkanlar verilməlidir. Yəni vəkil olmağa  hansısa hüquq mühafizə orqanının işçisi kimi,  dövlət məmurunun işi kimi baxılmamalıdır. Burada bir az sərbəstlik verilməlidir. Eybi yox, kimlərsə vəkil adını qazanırsa, sabah  qabiliyyətli, savadlı olduğunu göstərə bilmirsə, onsuz da o, rəqabətdə  özünə pul qazana bilməyəcək,  məhkəmədə  öz müştərisini müdafiə edə bilməyəcək. Ona görə də, məncə, bu  barədə düşünmək lazımdır. Hüquq üzrə fəlsəfə doktorlarını, hüquq ixtisası üzrə müdafiə etmiş şəxsləri də bura aid etmək olar. Məhkəmə hakimlərinin,  hüquq mühafizə orqanlarında, xüsusilə daxili işlər orqanlarında, prokurorluqda 10 ildən artıq çalışmış şəxslərin testsiz, icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçmədən vəkil olmasına imkan yaratmaq lazımdır ki, vəkillərin sayı artsın. Bu say çoxaldıqca, heç ol-masa, vəkillərin  adambaşına düşən sayına görə  dünya stan-dartlarına  azacıq da olsa, yaxınlaşmış olarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, əlbəttə, biz hamımız yaxşı başa düşürük ki, bu gün ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə təmini üçün vəkillik institutu kifayət qədər önəmli bir funksiyaya malikdir və bu institut inkişaf etməlidir. Eyni zamanda, biz onu da qəbul etməliyik  ki, ölkədə son illər məhkəmə-hüquq sahəsində kifayət qədər islahatlar həyata keçirilir və bu gün biz onun bəhrəsini görürük. Xüsusilə qeyd olunmalıdır ki, istər hakimlərin, istərsə də digər hüquq mühafizə orqanlarının işə cəlb olunması ilə bağlı həyata keçirilən test imtahanları artıq özünü doğrultmaqdadır. Ümumiyyətlə, bu gün formalaşan  hakim korpusu və digər aidiyyəti şəxslər kifayət qədər hazırlıqlı və bacarıqlı bir imkana malikdirlər. Bununla yanaşı, bu gün təklif edilən əlavə və dəyişikliklər də çox önəmlidir. Ümid edirəm ki, bu da bütövlükdə  vəkillik institutunun fəaliyyətini daha yüksək şəkildə  təşkil etməyə yönəldiləcəkdir.
Bununla yanaşı, mənim bir neçə sualım var. Həmin suallara burada aydınlıq gətirilməsini istəyirəm. Ümumiyyətlə, mən də o fikri bölüşürəm ki, ölkədə vəkillərin sayı kifayət qədər deyil, azdır. Təsəvvür edin ki, gündə minlərlə iş olur. Əgər biz ölkədə icraata götürülmüş işlərin ümumi sayına baxsaq,  görərik ki,  bir vəkil bir saatda bir neçə işə çıxmaq zorundadır.  Eyni zamanda, keyfiyyət də diqqət mərkəzində olmalıdır və biz keyfiyyətə   diqqət yetirməliyik.
Mənim sualım nədən ibarətdir? Birinci sualım  8-ci maddə ilə bağlıdır. Burada qeyd olunur ki, əvvəllər vəkil və ya hakim olmuş şəxslər yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsabiqədən keçdikdən sonra vəkil ola bilərlər. Əlbəttə, söhbət intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslərdən getmir. Elə şəxslər ola bilər ki, onlar qısa müddətə bu səlahiyyəti, yaxud bu vəzifəni daşısınlar. Son zamanlar ölkədə, ümumiyyətlə, qanunvericilik sahəsində baş vermiş dəyişikliklərlə, yeniliklərlə onlar tam şəkildə tanış olmaya bilərlər. Ola bilsin ki,  hüquq sahəsində olan inkişaf dinamikasını da tam izləyə bilməsinlər. Ona görə də mənə belə gəlir ki,  onların ən azı müəyyən mənada icbari təlimə cəlb olunması vacibdir. Yaxud  onların bu vəzifəni tutması ilə bağlı bir müddət qoyulmalıdır. Bayaq burada Fazil müəllim də qeyd etdi, 5 il, 10 il müddət qoyula bilər. Bu vacib bir məsələdir. Bu məsələyə aydınlıq gətirilməsini istərdim. Əlbəttə, bütövlükdə bu maddənin xoşməramlı maddə olduğunu qəbul edirəm. Çünki bu, vəkillik sisteminin daha da təkmilləşməsinə, yeni vəkillərin cəlb etmə prosesinin asanlaşdırılmasına xidmət edir. Eyni zamanda, biz bunun digər tərəflərini də düşünməliyik.
Mənim qaldırmaq istədiyim ikinci sual 19-cu maddə ilə bağlıdır. Burada “aztəminatlı şəxslər” ifadəsi “vəkillik xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslər” ifadəsi ilə əvəz olunur. Mən bilmək istərdim,  vəkillər necə müəyyən edəcəklər ki, kimin imkanı nə qədərdir?  Yaxud vəkillik xidmətinin xərclərini ödəməyə onun imkanı varmı? Burada bir neçə variant ola bilər. Bunlardan biri o ola bilər ki, tutalım,  ünvanlı sosial yardım alan qrup, əlillər, vet-eranlar, şəhid ailələri və sair. Məncə, burada müəyyən bir bölgü həyata keçirilsə, həmin maddə daha çevik  işləyə bilər.
Nəhayət, mənim qaldırmaq istədiyim sonuncu məsələ 22-ci maddə ilə bağlıdır. Həmin maddəni hörmətli Əli müəllim də qeyd etdi. Burada yazılır ki, barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz. Əlbəttə, bu vacibdir, seçilə bilməz. Ümumiyyətlə, mən hesab edirəm ki, barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs  nəinki seçilə bilməz, hətta seçə də bilməz. Çünki əgər onun fəaliyyəti müvafiq qanunvericilik çərçivəsində dayandırılıbsa, həmin qərar, belə deyək, bütövlükdə həmin şəxsin davranışına təsir edə bilər. Bütövlükdə  hesab edirəm ki, bu çox vacibdir və biz buna səs verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu gün biz ombudsmanın Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında illik məruzəsini müzakirə etdik. Bunun 17-ci və 18-ci səhifələri hüquqi yardım almaq hüququna həsr olunmuşdur. Mən bilmirəm, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hörmətli Azər müəllim ombudsmanın məruzəsi ilə tanışdır, ya tanış deyil, ölkənin ombudsmanının məruzəsində əks olunmuş fikirlər  Azərbaycanda hüquqi yardım almaq hüququnun  olmadığını sübut edir.  Avropa Məhkəməsinə edilən bir sıra müraciətlərin Azərbaycan dövlətinin zərərinə  qiymətləndirilməsi də buna əsas verir.
Mən ombudsmanın məruzəsindən müəyyən hissəni diqqətinizə çatdırıram. Məlumatlara əsasən, ölkəmizdə hər 100 min nəfərə 6 vəkil düşür.  Fazil bəy dedi, burada rəqəm var. Bu da vətəndaşların keyfiyyətli hüquqi yardım almasına, habelə hüquq və azadlıqlarının  səmərəli təmin edilməsinə imkan ver-mir. Yəni hər 100 min nəfərə 6 vəkil düşürsə, bu, Azərbaycan Respublikasında vətəndaşların hüquq müdafiəsinin səmərəli olmasına, onun təmin edilməsinə imkan vermir.
Biz bu gün qanunlara dəyişiklik edirik və məhdudiyyətləri bir az da artırırıq. Yəni daha çox vəkilin Vəkillər Kollegiyasının üzvü olmasına və vəkillik fəaliyyətinə şərait yaratmaq əvəzinə, bunu daha da məhdudlaşdırırıq. Bu bir. İkincisi, burada nə baş verir? Hörmətli hüquqşünasların fikirlərinə qulaq asdım. Guya test imtahanları və başqa imtahanlar vəkillik fəaliyyəti ilə məşğul olan insanların peşəkarlıq qabiliyyətini yüksəltməyə xidmət edəcək. Lakin diqqət edin. Konstitusiyada göstərilir ki, Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşının keyfiyyətli hüquqi yardımına təminat verir. Neçə manata təminat verildiyi burada deyildi. Bu ilin yanvarına qədər 99 qəpik idi. Hesablasaq ki, 22 iş günü var və 22-n 8-ə vuranda təxminən 166 manat edir.  166 manatdan da aşağı  idi. Verg çıxılandan sonra təxminən 120 və ya 110 manat edirdi.  Bu ilin yanvarından sonra 2 manat olub. Yəni yüksək keyfiyyətli vəkilin qiyməti 2 manatdır. Məsələn, məcburi qaydada Ali Məhkəmədə kassasiya şikayəti verərkən, məhkəmə baxışı olarkən,  yaxud Konstitusiya Məhkəməsinə müraciət edərkən  ən  keyfiyyətli vəkilin müdafiəsinin əməyini Azərbaycan dövlət 2 manatla qiymətləndirir. Ayda 350–360 manat edir. Vergini,  həmkarların  üzvlük haqqını da əlavə edin. Bizim yüksək keyfiyyətli təminatı olan vəkilimizin haqqı 150–140 manat həcmindədir. Bu, açıq-aydın hamıya məlumdur.
Bir daha təkrar edirəm, burada tərəflərin bərabərliyindən söhbət gedə bilməz. Qarşı tərəf, məsələn,  ayda 1000, 1200, 800 manat əmək haqqı alan prokuror və hətta gündə 8 saat işləyən, təkrar edirəm, təxminən 140–150 manat əmək haqqı alan vəkil. Burada hansı bərabərlikdən danışmaq olar?
Sonra, daha dəhşətli bir hal. Mən “dəhşətli” sözünü hissə qapılıb işlətmirəm. Diqqət verin, yenə ombudsmanın məruzəsində nə deyilir? Ombudsmanın məruzəsində deyilir ki, dövlət hesabına göstərilən, yəni 2 manata göstərilən hüquqi yardıma görə ödənilən məbləğin həddindən artıq az olması  o demək deyil ki, vəkillər vətəndaşların hüquqlarının müdafiəsində maraqlı olmurlar. Nəticədə dövlət hesabına hüquqi yardımın göstərilməsi, bir qayda olaraq, xüsusi müəyyən edilmiş vəkillərə həvalə olunur. Yəni müstəntiqin, prokurorun əlaltısına. Vəkillər Kollegiyasında bu hamıya məlumdur. Növbətçi vəkillər var. Təkrar edirəm, növbətçi vəkillər var. Müstəntiq onu  çağırır, vətəndaşın hüququnu  pozur, yeri gələndə  vəkilin yanında təqsirləndirən şəxsi döyür. Bəli, bu faktlar var. Ona işgəncə verir, onun sənədlərini saxtalaşdırır. Həmin 2 manatlıq növbətçi vəkil də istənilən məsələyə qol çəkir.
Bu yaxınlarda internet işinə görə tutulan şəxslər var idi. Məcburi qaydada saat 11-də, 12-də onlara vəkil təyin etmişdilər. Onların valideynlərinin tutduğu vəkil “gec gəldi” deyə buraxmamışdılar. Növbətç   vəkil də ora qol çəkmişdi. Biz məhkəmədə çox olmuşuq, bu cür vəkillərin sifətini çox görmüşük. O cümlədən bizim özümüzə də məcburi qaydada bu cür vəkilləri təyin etmək cəhdləri olmuşdur. Ona görə də bir daha təkrar edirəm, cinayət-prosessual qanunvericiliyin tələblərinə formal olaraq əməl edilməsinin nəticəsidir ki, təqsirləndirilən şəxslərin hüquqları yetərincə müdafiə olun-mur və sair. Təklif edərdim ki, məruzənin bu hissəsini hörmətli Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, vəkilləri və ümumiyyətlə, Məhkəmə-Hüquq Şurasının üzvləri oxusunlar və buna cavab versinlər. Onun bir üzvünü də bu gün yenidən seçdik. Seçildiyinə görə təbrik edirəm. 
Nə etmək lazımdır? Bir daha təkrar edirəm, bu işin görülməsi üçün Prezidentin sərəncamı olub. Səhv etmirəmsə, Prezidentin sərəncamı əsasında 3-4 il əvvəl vəkillik işinin maddi-texniki bazasının yaradılması haqqında Nazirlər Kabinetinin qərarı olubdur. Ola bilər, il məsələsində mən səhv edim. O sahədə nə iş görülüb? Heç bir iş görülməyib. Vəkillərin hüquq məsləhətxanaları Bakının zirzəmilərində yerləşdirilib. Bakının  mərkəzində yerləşən hüquq məsləhətxanalarına daxil olun, vəkillərin oturduğu stollara, stullara baxın, onların qarşısındakı köhnə, Nuh əyyamından qalmış yazı maşınkalarına baxın. Heç kompüter də yoxdur. Ondan sonra Azərbaycanda bu sahədə  yaranmış vəziyyətdən  dan-ışmaq mümkündür.
Ona görə də bir daha təkrar edirəm, əvvəla, məhdudlaşdırıcı məsələlərin gətirilməsinə, xüsusən şifahi müsahibələrə baxılsın. Mən testin əleyhinə deyiləm. Test verilsin,  heç olmasa, elementar hüququ təhsili olub-olmaması məlum olsun. Ondan sonrakı şifahi müsahibələr ki var, bütün oyun da onun başındadır. Çünki bir çox şəxslər yüksək qiymət alırlar, amma sonra şifahi müsahibədən keçmirlər. Əvvəla, bu ləğv olunmalıdır.
İkincisi, qabaq sovet dövründə hüquq fakültəsini qurtaran şəxslər təyinatla vəkil göndərirdilər dərhal. Düzdür, getmək istəyənlər az olsa da, təyinatla vəkil göndərirdilər. Nəinki Konstitusiya Məhkəməsinin hakiminə məhdudiyyət yaradaq, hakim işləmiş şəxsə, yaxud prokurorluqda işləmiş şəxsə məhdudiyyət yaradaq. Hesab edirəm, hətta universiteti fərqlənmə diplomu ilə qurtarmış şəxslərə imkan yaratmaq lazımdır ki, vətəndaşların müdafiəsi ilə məşğul olsunlar. Vəkillər Kollegiyası qapalı bir kastaya çevrilməli deyil. Belə bir proses müşahidə olunur. Çox yüksək ixtisaslı vəkillər haqqında intizam tədbirləri adı altında tədbirlər görülür. İnti-zam Əliyev Avropa məhkəmələrinə müraciət edən yüksək səviyyəli mütəxəssisdir. Hacı müəllim  bu yaxınlarda Prezidentə və bizə  məktublar göndərmişdi. Hörmətli Sədrə də müraciətlər çatmamış olmaz. İntizam komissiyasında, səhv eləmirəmsə, sədr idi. Onun özünü vəkillikdən sildilər. Bizim tanıdığımız xeyli vəkillər var. Təkrar edirəm, çox yüksək səviyyəli vəkillərdir, onları vəkillikdən siliblər. Bu hallara son qoyulsun.
“Vəkillər haqqında” Qanunda bir maddə var. Səhv eləmirəmsə, həmin qanun bizim dövrümüzdə qəbul edilmişdi. Həmin qanuna görə vəkil olmayan şəxs hüquq məsləhətxanası təsis eləyə bilməz. Söhbət hüquq məsləhətxanalarından gedir. Vəkillərin əksəriyyəti kasıb adamlardır. Hər halda imkan yaratmaq lazımdır ki, bunu təsis eləyə bilsinlər, orada yüksək ixtisaslı vəkilləri işlətsinlər. Mən yaxşı bilirəm ki, bir ilin, iki ilin içində bayaq dediyim maddi-texniki vəziyyəti dövlət yaxşılaşdıran deyil. Bunun üçün həmin qanuna ciddi şəkildə əl gəzdirilməlidir. Mən bizim hörmətli komissiyadan xahiş edərdim ki, bu məsələyə ciddi əl gəzdirsin, vəkillik fəaliyyətinin keyfiyyəti yüksəldilsin, onun fəaliyyətində demokratiklik artırılsın.
Ən vacib məsələlərdən biri də odur ki, ən azı prokuror qədər,  saatına nə qədər düşürsə, hər vəkilə dövlət hesabına hüquqi yardıma görə haqqın verilməsi müəyyən edilsin. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi dilənçi payı  –  2 ma-nat, sadəcə, biabırçılıqdır. Bunu deyəndə, xarici ölkədə gözlər bərələ qalır ki, bununla necə keyfiyyətli fəaliyyət göstərmək olar? Sözün doğrusu, əlavə və düzəlişlərin bəzisi normal düzəlişlərdir. Amma  məhdudlaşdırıcı tədbirlərin vəkillik fəaliyyətinə əngəl törədəcəyi və əlavə maneələr yaradacağı qənaətindəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər, əlbəttə, ölkədə vəkillik institu-tunun təkmilləşməsinə xidmət edir, digər tərəfdən, vəkillərin statusunu bir daha dəqiqləşdirir. Yaxşı haldır ki, burada bəzi təqsirləndirilən şəxslərə, eləcə də aztəminatlı şəxslərə hüquqi yardımın dövlət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Əlbəttə,  Azərbaycanda vəkillik institutu vacib institutdur. Vəkillərin həm ixtisasca təkmilləşdirilməsinə, həm də sayının artırılmasına ehtiyac vardır.
Burada vəkillik fəaliyyəti haqqında, hüquqi yardım almaq barədə ombudsmanın hesabatına müraciət olundu. Əlbəttə, biz demokratik ölkədə yaşayırıq və ombudsman bir müvəkkil kimi vətəndaşların hüququnu və mənafeyini qoruyur. Mən elə bilirəm, ombudsmanın burada qeyd elədiy faktlar reallığa əsaslanmaqla bərabər, bizə perspektivləri də göstərir. Doğrudan da, Azərbaycanda vəkillərin sayı artırılmalıdır, onların maddi vəziyyəti yaxşılaşdırılmalıdır. Əlbəttə, bizim heç birimiz razılaşa bilmərik ki, vəkillər göstərdikləri hüquqi yardımın hər saatına görə 2 manat əmək haqqı alsınlar. Bu o qədər də çox deyil.
Ancaq Elmira xanım bu hesabatı verməklə həm də yolları göstərir ki, vəkillik fəaliyyəti artırılmalıdır, canlandırılmalıdır. Hesabatda çox aydın şərh olunur ki, bu institutun təkmilləşdirilməsi ilə bağlı müəyyən dövlət qurumları qarşısında məsələlər qaldırılıb. Burada nə qəbahət var ki? Əslində, bunu yaxşı hal kimi qiymətləndirmək lazımdır. Bunu dövlətin və ya ombudsmanın nöqsanı kimi şərh eləmək yersizdir.  Yeri gələndə bizə irad tuturlar ki,  iqtidardan olan insanlar nöqsanları bilmirlər,  gizlədirlər. Bu, əslində, ombudsmanın  fəaliyyətinə kölgə salmaqdır. Mən də vəkillik fəaliyyətinin təkmilləşdirilməsinin tərəfdarıyam və layihədəki dəyişiklikləri, əlavələri məqbul hesab edirəm. Çox sağ olun.
Sədrlik edən.  Zahid Oruc.
Z.Orucov. Çox sağ olun. Cənab Sədr, hörmətli Məclis üzvləri! Mən birinci növbədə bu məsələdə daha çox səslənən “institut” sözünə toxunmaq istəyirəm. Bu bizdə müstəqillik dövründə xeyli dəbə minmiş termindir. Vəkillik institutu, sö-zün həqiqi mənasında, o vaxt instituta çevrilir ki, həqiqətən də, ona hədsiz, böyük ictimai etimad, ictimai etibar olsun. Bu halda  həmin qurum insanlar üzərində mənəvi hakimiyyətə malik olur, vətəndaşlar daha çox ora müraciət edir, onun timsalında özünün müdafiəçisini görür. Beləliklə, o, mühüm bir quruma çevrilir.
Bu mənada ona daxilolma mexanizmi də müəyyən prosedurlardan keçməlidir. Mən hörmətli həmkarım Fazil bəyin o mövqeyini qəbul eləmirəm ki, biz proseduru hədsiz asanlaşdırmaqla,  az qala bir vətəndaşa bir vəkil düşməsini təmin eləməklə hüquqi müdafiənin təşkilində mühüm addım atacağıq. Bu belə deyil. Mənim yanaşmam bundan ibarətdir ki, vəkillik institutunun, sözün həqiqi mənasında, ictimai etibarını qaldırmaqla, orada çalışanların sayını artırmaqla  biz bunu əldə eləyə bilərik. Bu birinci məsələ.
İkincisi, gəlin inkar eləməyək ki, vəkillik fəaliyyətinin özündə də kifayət qədər siyasiləşmə var. Bir sıra qüvvələr  belə bir fəaliyyət aparıblar ki, sanki onlar müxalifətin vəkilidirlər,  hüquqi biliklərin ancaq bundan ötrü alıblar. Mən görməmişəm ki, bunlar müxalifətin hər hansı addımında, xüsusilə keçmiş dönəmlərdə nöqsan görsünlər. Müxalif cina-hda ixtisaslaşmış vəkillər onlar üçün də titullu adamlardır. Bu az qala bir siyasi fəaliyyətdir. Beləliklə, bunların hüquqi iş bir qıraqda qalıb, sözün həqiqi mənasında, ortada bir siyasi fəaliyyət var. Əslində, vəkillik  siyasi fəaliyyətdən uzaqdır. Mən bunu görmək istəyirəm.
Başqa bir məsələ burada deyildi. Bura daxil olacaq insanların, heç şübhəsiz ki, müəyyən bir təcrübəsi olmalıdır, müəyyən bir yol keçməlidirlər. Çünki onlar mühüm işlərə çıxırlar və proseslərdə müdafiə etdikləri insanların layiqli hüquqi müdafiəsini təmin eləməlidirlər. Ancaq düşünürəm ki, bir sıra hallarda prokurorluq və məhkəmə orqanlarında etibar qazanmamış, hətta bu sahədən uzaqlaşdırılmış insanlar  bəzən vəkillik peşəsinə daha çox meyl edirlər,  burada özlərinə yer tuturlar. Bu da yolverilməzdir. Mənim aləmimdə vəkillik bütövlükdə o vaxt instituta çevriləcək ki, vətəndaşlar, əslində, vətəndaş institutu, vətəndaş birliklərinin tam müdafiəsini ora-da görsün.
Bayaqdan deyilir ki, vəkilin əməyi iki manatla qiymətləndirilir. Prokuror dövlətin adından ittiham verir və bütövlükdə əmək haqqını dövlətdən alır. Amma vəkillik fəlsəfəsi bütövlükdə vətəndaşın müdafiəsi üzərində qurulur. O, dövləti və ya dövlətçiliyi, sözün birbaşa mənasında, hüquqi mənasında təmsil eləmir. Onun üçün vəkil elə bir etibara ma-lik olmalıdır ki, vətəndaş,  sözün həqiqi mənasında, onu sax-lasın, dolandırsın. Belə vəkillər də var. Hər hansı cinayət hadisəsi baş verdikdə vətəndaş artıq güvənməlidir ki, o, vəkil vasitəsilə özünün müdafiəsini təşkil edəcək.
Vəkillərin sayının artırılması məsələsinə gəlincə, bizim in-stitutlarımızda bu qədər hüquqa meyl var. Məleykə Abbaszadə həmişə deyir ki, bizim insanlarımız titullu fakültələrə daha çox can atırlar. Amma necə olur ki, bu insanlar sonradan gəlib vəkillərin qapısını döymürlər? Niyə? Çünki prokuror işləmək, hakim işləmək vəkil işləməkdən daha imicli sayılır, perspektivli sayılır. Biz əsas ağırlıq mərkəzini vəkillərin üzərinə keçirməliyik. Məsələn, bu yaxınlarda mətbuatda dərc olundu ki, ilk cinayət işi törədənlər üçün sonra həbs qətimkan tədbirinin seçilməsi ağır bir haldır. Vətəndaşlara yönəlik bu hüququn tətbiq olunması ciddi problemlər yaradır. Müxtəlif alternativlər ola-ola niyə bu tətbiq olunur? Bu mərhələdə vəkillər xüsusi rol oynaya bilsəydi, həqiqətən də, biz onların yaşayış şəraitini dövlətdən verilən 2 manatla ölçməli deyildik.
Son olaraq, bəzən belə bir rəy yaradırlar ki, az qala  ölkədə  hüquqi nihilizm, haqsızlıq hökm sürür, vətəndaşların hər hansı bir formada müdafiəsi təşkil olunmur. Bəzən ən geridə qalmış ölkələrin vəziyyətini bu cür  təsvir eləmək mümkündür. Təəssüf edirəm ki, Pənah Hüseyn burada yoxdur, indi hər halda, yəqin, fikirlərim çatdırılacaqdır. Hüquqsuzluğun hökm sürdüyü yerdə müxtəlif hadisələr baş verir. Bu ölkədə  hüquqi müdafiənin təşkili təkcə vəkilin vasitəsilə reallaşdırılmır. Müxtəlif qurumlar, təşkilatlar, QHT-lər,  parlament var. Yalnız son anda, son instansiyada vəkillərin əsasında bu proses tənzimlənmiş olur. Ona görə də məhz bu element üzərindən Azərbaycanda insan haqlarına dair rəylərin verilməsin yanlış hesab edirəm. Düşünürəm ki, bu sənəd normal hazırlanıbdır və mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Deməli, çıxışa 3 nəfər millət vəkili yazılıb. Təkid edən yoxdur ki? Aydın Həsənov, buyu-run.
A.Həsənov.  Bütün  məsələlərlə bağlı eyni yoldaşlar çıxış edirlər. Bizim də dərdimiz var, biz də bir kəlmə demək istəyirik. Xahiş edirəm, siyahı  tutulanda bu gün kimlər danışıbsa, gələn iclasda onlara söz verməyək. Qoy biz də danışaq. Nə qədər bunlar danışacaqlar? Xahiş edirəm, siyahı tutulanda bu məsələn nəzərə alın. Görürsünüz, bu beş ildə danışmamışıq, bir dəfə də bizi dinləyin. Pənah danışır, Zahid danışır, o danışır. Biz də danışmaq istəyirik, bizim də dərdimiz var.
Mənim Əli müəllimə bir sualım var.  Çox qısa deyirəm. Aztəminatlı şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün məhkəməyə hansı sənədlər təqdim edilməlidir? Bunlara baxan yoxdur. Aztəminatlılara kim cavab verməlidir? Dövlət büdcəsindən pul ayrılır, vəkil də tutulmur.
Sədrlik edən. Qüdrət müəllim, təkid edirsən, ya suallara cavab verilsin? Vaxtımız azdır. Bir dəqiqə? Buyurun.
Q.Həsənquliyev. Oqtay müəllim, mən burada nəyi söyləmək istəyirəm? Doğrudan da, təkliflər ona yönəlib ki, vəkillərin sayı artırılsın. Amma mən onunla razılaşmıram ki, Konstitusiya Məhkəməsinin hakimi olmuş şəxslər, Apellyasiya, yaxud kassasiya instansiyası məhkəmələrinin sədrləri test imtahanı vermədən vəkil olsunlar. Mən bu fikirdəyəm ki, əksinə, həmin insanlar testdən keçməlidirlər. Burada Pənah Hüseynin qeyd etdiyi kimi,  müsabiqədən keçmələrinə  ehtiyac yoxdur. İstintaq orqanlarının,  prokurorluq orqanlarının əməkdaşlarını bu sıraya daxil edə bilərik. Ən azı bir çağırış millət vəkili olmuş hüquqşünasları, Məhkəmə-Hüquq Şurasının üzvlərini də bura aid edə bilərik. Amma onların hamısı testdən keçməlidirlər.
Burada Fazil bəy qeyd etdi ki, elmlər namizədi, fəlsəfə doktorları bu  kateqoriyaya salınmasın. Bəlkə ola bilsin ki, onlar  Konstitusiya hüququndan,  yaxud beynəlxalq hüquqdan müdafiə ediblər, amma prosessual qanunvericiliyi, Cinayət Məcəlləsini, Mülki Məcəlləni bilmirlər. Ona görə də test məsələsi hamı üçün olmalıdır. Sadəcə olaraq, mən söyləmək istərdim ki, həmin insanlar, həqiqətən də, qanunvericiliyi bilməlidirlər. Bizim Konstitusiyanın da tələbi budur ki, vətəndaşlar ixtisaslı müdafiə ilə təmin oluna bilsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, Sizə də bir dəqiqə söz verəcəyik. Amma Qüdrət müəllimin  bir sözü ilə razıyam. Hətta belə təklif oldu ki, institutu fərqlənmə diplomu ilə qurtaran da vəkil işləməlidir. Həmin vəkil fərqlənmə dip-lomu ilə qurtarsa da, həyat təcrübəsi olmadığı üçün heç kim ona müraciət etməyəcək. Yəni bu test imtahanı vacib məsələdir, məcburi olmalıdır. Siyavuş müəllim, buyurun. Sonra Əli müəllim suallara cavab verəcək. 
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu məsələnin fəlsəfəsini deyəcəyəm və bununla da məsələ həll olunub qurtaracaq. Bu Məclisdə biz mütəmadi müzakirə edirik. Deyirlər ki, Azərbaycanda kitab dükanları yoxdur. Kitab dükanları ona görə yoxdur ki, bu gün sahibkar hiss edir, kitabı alan yoxdur. Görür ki, hamı kababxanaya gedir, o da kababxana açır. Görsə ki, kitab mağazasına daha çox gedirlər, onda kitab dükanı tikəcək. Beşmərtəbəli ev də tikəcək, şərait də yaradacaq. Vəkillik institutu da bunun kimidir.
Rəhmətlik Məmmədxan müəllim biz hüquq fakültəsinə daxil olanda deyirdi ki, hamınız tapança eşqinə gəlmisiniz. Bu millət hüquq fakültəsinə tapança eşqinə gedəcək, ya prokuror olacaq, ya da polis. Əgər hiss etsə ki, vəkillik institutu daha geniş məfhum təşkil edir, onda vəziyyət tamamilə dəyişəcək. Bunu süni şəkildə yaratmaq mümkün deyil. Açıq danışaq, bu gün vəkilliyə  o şəxslər gedir ki, ya rüşvət üstündə prokurorluqdan qovulub, ya da məhkəmədə tutulub. İndi bu işlə məşğul olur. Az sayda vəkil tapmaq olar ki,  doğrudan da, bu sahədə kifayət qədər təcrübəyə malikdir. Çünki vəkil  hakimdən də, prokurordan da savadlı olmalıdır,  qanunları daha yaxşı bilməlidir,  belə deyək, müttəhimi layiqincə təmsil etməlidir. Belə olan təqdirdə elə hakim işləyər. Niyə gedib vəkil işləyir? Ona görə də bu sahəyə insanlar getmirlər. Gələcəkdə bu sahənin təminatları artdıqca, indi qəbul etdiy-imiz qanunlar nizama düşdükcə kitab mağazaları kimi vəkillik institutunun nüfuzu da artacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, buyurun. Suallar oldu. Siz, ya Azər müəllim cavab versin. Necə istəyirsiniz? Aqil müəllim təkid etmədi. Buyurun, Aqil Abbasov.
A.Abbasov.  Hörmətli Sədr, 2 manatdan danışdılar. Məsələ bundadır ki, Azərbaycanda vəkillər heç də prokuror-dan, hakimlərdən pis yaşamırlar. Mən yüzlərlə vəkil tanıyıram ki, onlardan da yaxşı yaşayırlar. Bir vəkil 2 manatlıq işdən başqa 50 dənə vəkillik işi ilə də məşğuldur. Yəni in-sanlarla, şirkətlərlə işləyirlər.
Sadəcə, məni bir şey maraqlandırır. Bu günlərdə çox gözəl bir qərar oxudum ki, Azərbaycanda ailə həkimi olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən  4 min ştat verilib. Burada 125 deputatıq. Eyni zamanda, bizim heç birimizin vəkilimiz yoxdur. Bütün dünyada insanlar özünə vəkil tutur və bir hadisə olan kimi müqavilə bağlayır, vəkil onun işinə çıxır. Yəni vəkillik institutunu gücləndirmək istəyiriksə, yaxşı olar ki, insanların hamısı özünə bir vəkil tutsunlar. Gərək elə işi düşəndə, dara düşəndə axtarsınlar? Demək istəyirdim ki, vəkillik institutu bizdə getdikcə güclənir, inkişaf edir. Sadəcə olaraq, biz vəkillərdən istifadə edə bilmirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. Təbii ki, mən ancaq sualların qanunvericiliklə bağlı olan hissəsini cavablandırmağa çalışacağam. Bəlkə də vəkilliyin indiki vəziyyəti, işi ilə bağlı Azər müəllim daha geniş məlumat verə bilər. Bir-incisi, qeyd etmək istəyirəm ki, hüquqi yardım deyəndə  Vəkillər Kollegiyasının təxminən 800-ə yaxın üzvünü nəzərdə tutmamalıyıq. Bu gün Azərbaycanda Vəkillər Kollegiyasının üzvü olmayan, amma hüquq firmalarında, hüquq şirkətlərində fəaliyyət göstərən, mülki məhkəmə proseslərinə çıxan onlarla, yüzlərlə şəxs var.
Eyni zamanda, bizim qanunvericilik imkan verir ki, vətəndaşın hüquqlarını onun qanuni nümayəndəsi qorusun. Buna da Mülki Prosessual Məcəllə imkan verir. Yəni biz bu-nu belə bir dar çərçivəyə salmalı deyilik. Hələ mən nə qədər qeyri-hökumət təşkilatının pulsuz hüquqi yardım göstərdiyini demirəm. Demək istəyirəm ki, vətəndaşın hüquqlarının müdafiəsi deyəndə biz  təkcə Vəkillər Kollegiyasının üzvlərini nəzərdə tutmamalıyıq. Əslində, vəziyyət heç də burada təqdim olunan qədər də acınacaqlı deyil.
Burada vəkillik fəaliyyətinə qəbula qoyulan məhdudiyyətlərlə bağlı iki fikir oldu. Bir qrup dedi ki,  ümumiyyətlə, buna ehtiyac yoxdur və daha liberal olmalıdır. Bir hissə isə, əksinə, bu təklifi dəstəklədi. Mən də o fikirdəyəm ki, heç bir elmi ad, yaxud  heç bir vəzifə,  əslində, bütün dünyanın hüquq ictimaiyyətində qəbul olunan vəkil kimi şərəfli bir vəzifəni asanlaşdırmamalıdır. Vaxtilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əlavələr və dəyişikliklər edəndə və bu məhdudiyyətləri salanda biz bir çox təcrübəni öyrənmişdik. Çünki vəkilliyə yol asan idi. Sonra keyfiyyət də  olurdu. Misal üçün, Almaniyanın Konstitusiya Məhkəməsində vəkil işə çıxmaqdan ötrü xüsusi bir testdən keçməlidir. Misal üçün, biz həmin məhdudiyyəti yazmadıq. Ona görə yazmadıq ki, indiki mərhələdə vəkillik institutu formalaşsın, yəni vəkilliyə meyl olsun. Bu baxımdan hesab edirəm ki, belə bir məhdudiyyətə ehtiyac var. Şəxsən mənim təsəvvürümdə hakim bugünkü məhkəmə prosesində öz davranışı, geyimi, biliyi ilə, burada söylənildiyi kimi, nə prokurordan, nə də məhkəmə prosesinin digər iştirakçılarından fərqli olmalıdır. Çünki məhkəmə prosesi çəkişmə prosesidir. Hakim ancaq  ittiham tərəfini, müdafiə tərəfini dinləyir, sonra  nəticə çıxarır. Necə ola bilər ki, digər bir tərəf, ittiham tərəfi test üsulu ilə, yazılı və şifahi imtahan versin, amma vəkilə biz başqa cür yanaşaq? Yəni demək istəyirəm ki, mən bunun tərəfdarıyam və müəyyən müsbət nəticələr də əldə olunmağa başlayıb. Cənab Sədr, bu qədər.
Sədrlik edən. Çox sağ olun. Azər müəllim, əlavəniz var?  Mikrofon verin.
A.Tağıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Milli Məclisin deputatları!  Təbii ki, söylənilən bütün fikirlərə  münasibət bildirməyə vaxt baxımından mənim imkanım olmayacaq. Ancaq demək istəyirəm ki, Azərbaycanda  Vəkillər Kollegiyası yarananda onun 370 üzvü var idi. Qısa bir müddətdə biz onun üzvlərinin sayını 900-ə çatdırdıq. Yəni Azərbaycanda vəkillərin sayının artırılması müsbət haldır. Eyni zamanda, vəkilliyə qəbulun asanlığından və ya mürəkkəbliyindən söhbət açsaq, Avropa ölkələrində, o cümlədən  Almaniyada, Fransada vəkilliyə qəbulla bağlı 9 imtahan var. Onun 4-ü yazılı, 5-i şifahidir. Bundan başqa, həmin şəxs vəkil olmaq üçün Almaniyada Ədliyyə Nazirliyinin xüsusi komissiyasında 45 dəqiqəlik müsabiqədən keçir.  Yəni biz  ən asan variantı  qanunvericiliyə saldıq. Ona görə biz məsələni belə həll etdik ki, əgər biz bunu təsdiq etsəydik, Azərbaycanda vəkillərin sayını artırmaq mümkün olmayacaqdı.
Təbii ki, bir vəkilin Avropa ölkələrində Ali Məhkəmədə işə çıxması üçün 25 il vaxt lazımdır. Birinci instansiya məhkəməsində  9 imtahandan sonra  Apellyasiya Məhkəməsində işə çıxmaq üçün 4 ildən sonra əlavə imtahan verməli olurlar. Ali Məhkəmədə işə çıxmaq üçün isə Apellyasiyada  5 il fəaliyyət göstərməli və 10 il gözləməlidirlər ki, Ali Məhkəmədə işə çıxmaq üçün imtahan versinlər. Ümumi hesabla-saq, 25 il vaxt lazımdır ki, bir vəkil Ali Məhkəmədə və yaxud Konstitusiya Məhkəməsində fəaliyyət göstərsin. Bu məhdudiyyətləri biz ona görə tətbiq etmədik ki,  Azərbaycanda vəkillərin sayının artırılmasına böyük ehtiyac duyulurdu.
Bir məsələni qeyd etmək istəyirəm. Vəkillər Kollegiyasını burada qeyd etdilər. Təbii ki, onu Vəkillər Partiyasına çevirmək istəyən qüvvələr var. Ancaq Vəkillər Kollegiyası heç bir siyasi quruma xidmət etmir. Bizim fəaliyyətimiz Azərbaycanda olan bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, müdafiəsinə yönəlib.
Qeyd etmək istəyirəm ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır. Dünyanın heç bir ölkəsində dövlət Vəkillər Kollegiyasına  maliyyə vəsaiti ayırmır. Bunlar öz vəsaitləri hesabına dolanırlar.  Bəli, doğrudan da, ola bilsin,  elə vəkil bürosu var ki, müasir tələblərə uyğun avadanlığı yoxdur. Ancaq dövlət tərəfindən Vəkillər Kollegiyası heç nə ilə təmin olunmur. Elə bir ölkə göstərmək olmaz ki, dövlət Vəkillər Kollegiyasına, yaxud vəkillik qurumlarına, vəkillik bürolarına maddi yardım göstərsin. Bu, qeyri-dövlət təşkilatı olaraq özünü maliyyələşdirən bir təşkilatdır. Nə üçün vəkillərin yerləşdiyi ofislərin müasir tələblərə cavab vermədiyinə gəlincə, təbii ki, bu, vəkillərin özündən asılıdır. Yaxşı çalışan vəkil öz ofisin yaradır. Bu gün Azərbaycanda təkcə Bakı şəhərində 100-dən yuxarı fərdi qaydada fəaliyyət göstərən vəkil var və onlar öz ofislərində işləyirlər. Onların avadanlığı da müasirdir və müasir qaydada da işləyirlər.
Bu gün Azərbaycanda vəkillik qurumlarının fəaliyyətinin qənaətbəxş olmadığını söyləmək və məsələyə bu cür yanaşmaq düzgün deyil. Bilirsiniz, biz həmişə çalışırıq ki, ancaq pisi deyək. Qısa bir müddətdə, yəni 5 il ərzində Azərbaycan Vəkillər Kollegiyasının inkişafı göz qabağındadır. Burada qeyd edildi ki, vəkilliyə, əsasən, hüquq mühafizə orqanlarından qüsurlarına, qanun pozuntularına görə qovulmuş şəxslər gəlirlər. Mən qeyd edirəm ki, bu gün Azərbaycan vəkillərinin  artıq 60 faizi gənclərdir. Gənclərin Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı müraciətlərinin sayı artır. Onlar artıq bu sənəti sevirlər, bu sənətə meyl artıb.
Ancaq bir şeyi demək istəyirəm. Burada problem nədən ibarətdir?   Qanunvericilikdə nəzərdə tutulduğu kimi, bizdə cəmi iki imtahan verilir. Test, bir də şifahi müsahibə. Bundan əvvəl keçirdiyimiz imtahanda  Vəkillər Kollegiyasına 507 nəfər ərizə vermişdi. Onların təxminən 70 faizi gənclər,  20 faizi isə qadınlar idi. Ancaq 507 nəfərdən 430-u test imtahanından keçə bilmədi. Bu nəyi göstərir? Həmin kadrların kifayət qədər hazırlıqlı olmamasını göstərir. Ancaq burada qeyd edildi ki, guya şifahi müsahibədən  əksəriyyəti keçmir. Demək olar ki, 2 nəfər istisna olmaqla, biz onların hamısını qəbul etdik. Çünki cəmi 65 nəfər ikinci mərhələyə – müsahibəyə buraxılmışdı. Yəni müraciət edən hüquqşünas kadrların hazırlıq səviyyəsi də qənaətbəxş deyil. Mən bunu da qeyd etmək istəyirəm.
Xüsusilə bir məqamı da qeyd etmək istəyirəm. Özəl ali məktəblərin məzunlarının arasında da, təbii ki, yüksək hazırlıqlı kadrlar var. Ancaq  qeyd etmək lazımdır ki, im-tahandan keçməyənlərin böyük hissəsi özəl ali məktəblərin hüquq fakültəsinin məzunları idi. Biz bunu təhlil edirik. Təhsilin rolu burada əhəmiyyətli dərəcədədir.
Bir məsələni də qeyd etmək istəyirəm. Vəkillər Kollegiyasının təyinatla, yəni dövlət hesabına hüquqi yardım göstərməsi məsələsinə toxunuldu. Doğrudan da, bu, əsaslı bir irad idi ki, vəkilin hər saatına əvvəllər 99 qəpik vəsait ayrılırdı, indi 2 manat olur. Ancaq qeyd etmək lazımdır ki, vəkil bir ayda, ola bilsin, bir dəfə, yaxud iki dəfə dövlət hesabına təyinatla işə çıxır. Onun yerdə qalan günlərini öz bağladığı müqavilə əsasında   fəaliyyət göstərir və bu müqavilə yüksək məbləğdə olur. Yəni bu gün heç bir məhdudiyyət yoxdur ki, vəkil Ali Məhkəmədə və yaxud yerli məhkəmədə bir işə çıxarkən 2 manat yox, 2000 manat istəsin. Ancaq bu qanunlaşdırılmalıdır, sənədlə olmalıdır. Burada elə bir problem yoxdur.
Vəkilə müraciət edirsə, onun əmək haqqı çox yüksək ola bilər. Növbətçi vəkillər də eyni adamlar deyil. Vəkillik bürosunda konkret olaraq  cədvəl tutulur. Ayda bir dəfə, ik dəfə hansısa vəkilə bu iş tapşırılır. Əgər bir gün o, dövlət hesabına işləyirsə, təkrar edirəm, digər günlərdəki fəaliyyəti müqavilələrlə bağlıdır, demək olmaz ki, vəkillər bu gün aztəminatlıdır və onların bu istiqamətdəki fəaliyyəti acınacaqlıdır. Hər halda mən bu cür iradlarla razılaşıram ki, başqa ölkələrlə müqayisədə, təbii ki, dövlət hesabına göstərilən hüquqi yardımın məbləğinin gələcəkdə artırılmasına ehtiyac duyuruq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Deputatların da istədiyi odur ki, bizdə vəkillər institutu, həqiqətən, normal formalaşsın, inkişaf eləsin, dolanışıqları da yaxşı olsun. Bunların da istədiklər odur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə  97
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU