31.05.2010 - tarixli iclasın stenoqramı

MİLLİ MƏCLİSİN İCLASI

31 may 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz. Kim səs verməyib? Xahiş edirəm, bir də qeydiyyatdan keçəsiniz.

Qeydiyyat   (saat 12.02 dəq.)
İştirak edir  94
Yetərsay  83

Sağ olun, yetərsay var.
Hazırda 20 millət vəkili Moskvada və Riqada ezamiyyətdədirlər. Ona görə xahiş edirəm, səsvermələrdə bir az diqqətli olun.
Əvvəlki gündəliyin müzakirəsini davam etdiririk, yalnız gündəliyə bir məsələ əlavə eləmişik – “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə qanun layihəsi. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Rafael Cəbrayılov.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər hava nəqliyyatında intizamın gücləndirilməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycanın çox uğurla dünyaya inteqrasiya olunması, hava nəqliyyatından istifadə zamanı nizam-intizama daha məsuliyyətlə riayət olunması, bu nəqliyyatdan istifadə edən insanların həyat və sağlamlığına, o cümlədən hava nəqliyyatının bortunda olan əmlakının təhlükəsizliyinə daha etibarlı dövlət təminatı verilməsi baxımından bu çox zəruri bir dəyişiklikdir.
Söhbət İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrindən gedir. 133-cü maddənin birinci hissəsi, yəni 133.1-ci maddə yeni redaksiyada verilib. Burada söhbət hava gəmisində intizamın qorunmasından və hava gəmisinin bortunda olan insanların sağlamlığının və əmlakının təhlükəsizliyinin təmin olunmasından gedir.
Bundan başqa, maddəyə yeni bir bənd əlavə olunub. Bu da 133.3-cü maddədən ibarətdir. Burada da hava nəqliyyatının bortunda olan cihazların sıradan çıxarılmasına görə inzibati məsuliyyətin müəyyən olunmasından söhbət gedir.
Ümumiyyətlə, maddələrin dispozisiyası yeni redaksiyada verilməklə yanaşı, maddənin sanksiya hissəsində də cərimənin miqdarı artırılıb. Düşünürəm ki, bu da çox zəruri bir dəyişiklikdir, çünki əvvəlki redaksiyada 20 manatdan 25 manatadək olan bir məbləğdən söhbət gedirdi ki, bu da hazırkı vaxtda çox cüzi bir rəqəmdir. Maddənin birinci və ikinci hissələrində cərimələrin miqdarı yüz manat, üçüncü hissəsində isə 200 manat müəyyən olunub.
Bundan başqa, 134-cü maddəyə təklif olunan dəyişiklik yalnız maddənin sanksiya hissəsinə aiddir. Burada da 30 manatdan 40 manatadək müəyyənləşdirilən cərimə 100 manat miqdarında cərimə ilə əvəz olunur. 134-cü maddə hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cəriməni nəzərdə tutur. Mən düşünürəm ki, bu, hava gəmisi ilə bağlı Azərbaycan qanunvericiliyinin dünya qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində edilən çox zəruri bir dəyişiklikdir. İnanıram ki, hörmətli həmkarlarım geniş müzakirəyə ehtiyac duymadan buna səs verəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə, buyurun.
A.Mirzəzadə.  Təşəkkür edirəm, Oqtay müəllim. Edilən dəyişiklikləri bəyənirəm və hesab edirəm ki, vaxtında edilmiş dəyişikliklərdir. 133.1, 133.2 və 134-cü maddələrə edilən dəyişikliklər kifayət qədər düzgündür. Amma 133.3-cü maddədə tətbiq edilən cəza növünü, açığı, mən başa düşə bilmədim. Fikir verin, tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud  sıradan çıxarılmasına görə cəmisi 200 manat miqdarında cərimə edilir. Təhlükəsizliyi təmin edən cihazlar sıradan çıxarılır və hava uçuşu təhlükə altına alınır. Bunun sonluğu  fəlakətlə qurtara bilər və onu həyata keçirən insana cəmi 200 manat cərimə təyin edilir. Mən görülən əməllə cəzanın qeyri-mütənasibliyini hiss edirəm və bu suala cavab istəyirəm.
İkinci, fürsətdən istifadə edərək, may ayının 29-da Norveçin paytaxtı Oslo şəhərində keçirilən mötəbər və nüfuzlu “Avrovizion” mahnı müsabiqəsində Azərbaycanın gənc və istedadlı müğənnisi Səfurə Əlizadənin qələbəsi münasibəti ilə hamını ürəkdən təbrik edirəm. Azərbaycan növbəti dəfə 39 ölkə arasında birinci beşliyə düşdü. Qısa bir zaman ərzində Səfurə Əlizadə Avropa mediasında Azərbaycan mədəniyyəti ilə bağlı çox geniş təəssürat yarada bildi. Bu, şübhəsiz ki, həm Səfurə xanımın, həm də eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin, Azərbaycan mədəniyyətinin qələbəsidir.  Azərbaycan sübut edir ki, öz qədim mədəniyyəti və incəsənəti ilə bu gün dünyada təmsil olunmağa layiqdir.
Eyni zamanda, Türkiyə təmsilçiləri olan “Manqa” qrupunun ikinci yeri tutması bizim üçün böyük qələbədir. Bu yalnız Türkiyənin yox, Azərbaycanın da qələbəsidir. Mən Türkiyə xalqını ürəkdən təbrik etmək istəyirəm. Növbəti dəfə hər iki xalqın bir-birinə ən yüksək bal verməsi də göstərir ki, Türkiyə və Azərbaycan əbədi olaraq dostdur, qardaşdır. Həmişə xalqlarımızın uğurları birgə olub və uğursuzluqları birgə uğursuzluqlardır. Hesab edirəm ki, bu yarışda iştirakla Azərbaycan özünün nüfuzunu bir daha təsdiq edə bildi. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov, suala cavab verin, sonra səsverməyə keçərik.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarım Aydın müəllimin iradı maraqlı iraddır. Amma istəyirəm, hörmətli həmkarlarımın nəzərinə çatdırım ki, hava gəmisini qaçırmaq, onu qəzaya uğratmaq və qəsdlə cihazları sıradan çıxarmaq cinayət məsuliyyəti törədən bir əməldir. Bununla bağlı Cinayət Məcəlləsində çox mükəmməl maddə var. Burada söhbət bu qəsdlər olmadan inzibati xətaya səbəb ola biləcək əməldən gedir. Ona görə düşünürəm ki, sanksiya əmələ ekvivalentdir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 12.10 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0   
İştirak edir  89  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Rafael Cəbrayılov.
R.Cəbrayılov.  Çox sağ olun, cənab Sədr. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna təklif olunan əlavə və dəyişiklik, ümumiyyətlə, bu qanunun dəqiqləşdirilməsi baxımından çox zəruridir. Söhbət qanunun 10-cu maddəsinin 8-ci bəndinə olan dəyişiklikdən gedir. Dəyişikliyə qədərki variantda qanunun mətnində gizli informasiyanın əldə olunması məqsədi ilə istifadə olunan texniki vasitələr bu gün, bildiyimiz kimi, istənilən alıcıların əldə edə biləcəyi, mağazalarda sərbəst satılan video və audio kameralardan, kinokameralardan, müxtəlif binokllardan ibarət texniki vasitələrdir. Bunlar da təyinatı yalnız gizli informasiya əldə etmək məqsədi ilə olmayan və geniş dairədə müxtəlif insanlar tərəfindən istifadə olunan predmetlərdir. Amma qanuna təklif olunan əlavədə söhbət o texniki vasitələrdən gedir ki, onlar yalnız bu məqsədlə istehsal olunub, hazırlanıb, təkmilləşdirilib və proqramlaşdırılıb. Burada söhbət yalnız gizli informasiya əldə etmək üçün nəzərdə tutulan xüsusi vasitələrdən gedir. Ona görə hesab edirəm ki, qanunda “xüsusi vasitələrin” bu şəkildə anlayışının verilməsi böyük əhəmiyyətə malikdir.
Bundan başqa, hörmətli həmkarlarımın nəzərinə çatdırım ki, burada preparatlardan da söhbət gedirdi, amma “preparat” sözü qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılaraq mətndən çıxarılıb.
Bundan başqa, gizli informasiya əldə etmək üçün  nəzərdə tutulmuş texniki vasitələrin növlərinin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanına həvalə olunur və bu da düşünürəm ki, qanun yaradıcılığı texnikası baxımından çox zəruridir. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu layihəyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz. 

Səsvermənin nəticələri   (saat 12.13 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1   
İştirak edir  91  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsinə  əlavə edilməsi barədədir. Rafael Cəbrayılov, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Ailə Məcəlləsinə təklif olunan əlavə və dəyişiklik məcəllənin 53-cü maddəsinə aiddir. Düşünürəm ki, burada çox böyük dəyişiklik yoxdur. Əvvəlki varianta görə uşağın soyadı valideynlərinin soyadı ilə müəyyən edilirdi. İndi isə bu, yalnız müəyyən edilə bilən qaydalardan biri kimi nəzərdə tutulub və maddənin  bu hissəsi “uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir” kimi göstərilir.
Bundan başqa, həmin maddəyə başqa bir cümlə də əlavə olunur: “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”. Bu da qanun yaradıcılığı texnikası baxımından zəruridir, çünki adın, soyadın və atanın adının dəyişdirilməsi müəyyən prosedur qaydalara riayət olunmaqla həyata keçirilən bir məsələdir. Bu qaydaların da müvafiq icra hakimiyyəti orqanına həvalə olunması təbiidir. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Deyəsən, bu axırıncı iclasda hamı tələsir. Sabir Rüstəmxanlı, buyurun.   
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Mən, sadəcə olaraq, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydası ilə bağlı neçə müddətdən bəri Milli Məclisdə, mətbuatda gedən müzakirələrə bir daha diqqəti cəlb eləmək istəyirəm. Bəlkə elə bu qanundan istifadə edib bu məsələyə bir aydınlıq gətirmək olar? Onsuz da müvafiq icra hakimiyyəti orqanları bu məsələ ilə məşğul idilər. Amma onlara müvafiq qayda-qanun verilmədiyinə görə indiyə qədər Azərbaycan cəmiyyətində soyad məsələsi ciddi müzakirə mövzusu olaraq qalır. Bəlkə bundan istifadə eləyib bu məsələyə bir aydınlıq gətirmək olar? Ya yeni bir qanun qəbul eləməliyik, ya da elə bu qanunda soyad məsələsinin milliləşdirilməsi ilə bağlı müəyyən bir əlavə eləməliyik ki, bu məsələ nizama düşsün. Çünki müstəqil dövlət 20 ildən bəri kənar bir dövlətin dilindən alınmış soyad işlədir. Bu məsələ həm mənəvi, həm də siyasi məsələdir. Eyni zamanda, tarixi haqsızlığın qarşısı alınmalıdır. Bu da işğalın bir növüdür və biz bu işğaldan xilas olmalıyıq. Ona görə xahiş edirəm, bu məsələ ilə bağlı araşdırılma aparılsın və elə Ailə Məcəlləsi ilə bu məsələyə bir nizam gətirək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B.Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ailə Məcəlləsinin 53-cü maddəsi ilə əlaqədar bəzi fikirlərimi bildirmək istərdim. Məcəllənin istər 53-cü maddəsində, istərsə də 26-cı maddəsində valideynlərin övladlarına ad seçməsində heç bir məhdudiyyət qoyulmamışdır. Uzun illərdir ki, valideynlər öz övladlarına Traktor, Qurultay, Nəlbəki kimi adlar qoyublar. Belə adlara bu gün də rast gəlinir.  Mən hesab edirəm ki, insanların gələcəkdə öz adlarına görə utanc hiss etməməsi üçün qanuna əlavə edilməlidir.
Qeyd edilənlər əsas götürülərək təklif edirəm ki, Ailə Məcəlləsinin 53-cü maddəsinin ikinci bəndinə aşağıdakı cümlə əlavə edilsin: Uşağa insanın şərəf və ləyaqətini ləkələyən, onu alçaldan, eləcə də əxlaqi nöqteyi-nəzərdən qəbuledilməz olan adların verilməsinə yol verilməsin.
Öz seçicilərimizlə iş aparan dövrlərdə 15 və 17-ci maddələrin bir-biri ilə toqquşması, hüquqşünasların dili ilə desək, kolliziyası halına rast gəlmişik. Məsələn, 17-ci maddədə qeyd olunur ki, ər (arvad) 3 il müddətinə azadlıqdan məhrum olunduqda birinin ərizəsi əsasında məhkəmənin qərarı olmadan müvafiq icra orqanı tərəfindən onların nikahına xitam verilə bilər. Ailə Məcəlləsinin 15-ci maddəsində isə deyilir ki, hamiləlik dövründə və uşağın doğulmasından sonra bir il müddətində nikaha xitam verilməsi qadağan olunur. Bu iki maddə bir-biri ilə toqquşur və mən təklif edərdim ki, bu maddələrə yenidən baxılsın. Belə məsələlərdə bizim hüquqşünasların daha diqqətli olmalarını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Baba müəllim. Elə demək olmaz ki, adlara görə kimsə sonra təhqir olunur. Siz Traktor dediniz, bizdə Jaket adı da var. İngilislərdə Makentoj adı var. Bu adın qoyulması ilə onların təhqir olunmasını sübut edə bilməzsiniz. Belə məsələlər var. Buyurun, Nizami Cəfərov.
N.Cəfərov. Sağ olun, Oqtay müəllim. Mənə elə gəlir ki, Ailə Məcəlləsinə edilən bu əlavə artıq bir addım irəli getməkdir, çünk məhdudiyyət müəyyən qədər aradan götürülür. Yada salmaq istəyirəm ki, artıq bir ilə yaxındır, Azərbaycan Milli Elmlər Akademiyasında Adlar və soyadlar üzrə xüsusi komissiya fəaliyyət göstərir. Müəyyən prinsiplər, Adlar və soyadlar üzrə xüsusi konsepsiya hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda mövcud olan familiyaların hamısının hesabatını aparıb. Həqiqətən, vəziyyət xoşagələn deyil. Ona görə ki, Azərbaycanda bu gün 10 faizə qədər “lı”, “li”, “lu”, “lü”  şəkilçili soyad forması, 10 faizə qədər də “zadə” soyad forması var. Söhbət rəsmi olandan gedir, qeyri-rəsmi rəqəm fərqli ola bilər. Amma bizdə “ov”, “yev” forması 80 faizə qədərdir. Bu da, əlbəttə, bizi təmin eləyəcək bir məsələ deyil.
Konsepsiyanın mahiyyəti də bundan ibarətdir ki, ya Ailə Məcəlləsinə düzəliş, ya da cənab Prezidentin ayrıca sərəncamı ilə hər halda bu məsələ qaydaya salınacaq. Yalnız yeni doğulan uşaqlara “ov”, “yev” soyad formasının əvəzində 4 variant təklif olunur ki, bunlar veriləcək.
Doğrudan da, bu son illərdə çox böyük işlər görülüb. Hörmətli Sabir müəllim bu məsələni tez-tez qaldırır, amma mən bu qənaətdə deyiləm ki, dərhal xüsusi qərar qəbul edib bütün soyad formalarını dəyişməliyik. Bu, çətin məsələdir. Ona görə ki, Azərbaycan xalqının yalnız beşdən biri Azərbaycan Respublikasında yaşayır. Beşdən dördü Azərbaycan Respublikasından kənardadır və bizim qəbul elədiyimiz hər hansı qanun, qərar prinsipcə onlara aid deyil. Ona görə də yaxşı olar ki, bu məsələlər ictimai müzakirələr şəklində və xeyli dərəcədə könüllülük şəraitində həyata keçirilsin.
Azərbaycanda  başqa xalqlar da yaşayır və konsepsiyada o xalqların Azərbaycan tipli soyad formasına keçməsi nəzərdə tutulmur. Yəni biz, məsələn, rusların, belarusların, ukraynalıların, tatarların, başqırdların təklif elədiyimiz formalara keçməsini nəzərdə tutmuruq. Amma istəsələr, keçə bilərlər. Bu da mümkün olan bir məsələdir. Yəni dediyim odur ki, Ailə Məcəlləsinə edilən bu düzəliş bir addım irəli atmaqdır. Müəyyən müstəqillik yaratmaqdır ki, bunun arxasınca proseslər əsaslandırılmış şəkildə gedəcək. Ona görə çox narahat olmaq və kütləvi şəkildə hər hansı bir qanunla, belə deyək, hərəkətə keçmək özünü doğrultmur. Ümumiyyətlə, təcrübə göstərir ki, özünü doğrultmur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami müəllim çox düzgün deyir. Birinci, bu məsələlər elə könüllülük prinsipi ilə başlayıb kütləvilik halı alandan sonra yavaş-yavaş öz axarına düşəcək. Aynur Quliyeva.
A.Quliyeva. Çox sağ olun, cənab Sədr.  Mən də soyadların milliləşdirilməsi məsələsini çox vacib və əhəmiyyətli hesab edirəm. Düşünürəm ki, biz, nəhayət, bu məsələ ilə bağlı ya ayrıca bir qanun hazırlamalıyıq, ya da mövcud qanunvericiliyimizə bəzi düzəlişlər etməklə insanların öz soyadlarını milliləşdirməsi üçün münasib bir şərait yaratmalıyıq. Çünki soyadını dəyişdirmək üçün müraciət edən hər bir kəs bilir ki, bunun mexanizmi həddindən artıq mürəkkəb və çətindir. Təsəvvür edin ki, soyadını dəyişdirmək fikrinə düşən insan, belə deyək, doğum şəhadətnaməsini aldığı idarədən tutmuş düz məhkəməyə qədər yorucu və mürəkkəb bir prosesi keçməlidir. Polis orqanlarına, məhkəməyə müraciət etməlidir. Məhkəmə müsbət qərar qəbul edərsə, o zaman həmin şəxs öz soyadını dəyişdirə bilər.
Mən düşünürəm ki, Nizami müəllimin qeyd elədiyi kimi, bu məsələdə insanlara sərbəstlik verilməsi çox vacibdir. Eyni zamanda, bu prosedur qaydalarını həddən artıq sadələşdirməklə problemi həll edə bilərik. Mən bilirəm ki, bu ölkədə xeyli sayda insan, o cümlədən də mən öz soyadımızı dəyişdirmək istəyirik. Amma bu proses xeyli mürəkkəb və yorucu olduğuna görə, heç kəs bu addımı atmaq istəmir. Bilirsiniz, 1992-ci ildə soyadların milliləşdirilməsi ilə bağlı qərar olunubdur. O qərarın əsasında və yaxud da tamamilə yeni qanun hazırlamaqla, düşünürəm ki, bu məsələni həll etmək olar.
Cənab Sədr, biz – bir qrup deputat sessiyanın müddətinin uzadılması ilə bağlı Milli Məclisə müraciət eləmişik. Yəni bu müddətdə qanunu birinci oxunuşda müzakirəyə çıxarmaq üçün hazırlıq işlərinə başlamaq olar. Düşünürəm ki, belə bir qanunun qəbul edilməsi çox vacib və əhəmiyyətlidir, çünki hər bir millətin həyatında onun soyadı vizit kartı kimi önəmli rol oynayır. Bizim qonşularımız olan gürcülər, ermənilər və digər xalqlar öz soyadlarından necə tanınırsa, çox istəyərdim ki, Azərbaycan türklərini də digər millətin nümayəndələri soyadlarından tanıya bilsinlər. Çox sağ olun.
Sədrlik edən. Zahid  müəllim, Sizin də əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Z.Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Mən çox qısa şəkildə qeydlərimi bildirmək istəyirəm. Doğrusu, bu sənəd müzakirəyə təqdim olunanda elə düşünürdüm ki, tablo dolu olacaq, çünki keçmişdə ya cari məsələlərin müzakirəsi zamanı, ya da parlament daxili debatlarda bu məsələyə  çox toxunulurdu. Amma nədənsə çıxış  edənlər kifayət qədər az oldu. Mənim bu məsələyə yanaşmam belədir. Ümumiyyətlə, çox xoşuma gələn, bəyəndiyim bir tezis var. O da budur ki, ötən yüzillik ərzində həm tariximiz, həm də əlifbamız nə qədər ki dəyişdirilib, sanki yeni millətə çevrilmişik. Çünki o tarixdə arasıkəsilməzlik prinsipi pozulanda sanki millət dünəndən qopur, yeni, başqa bir həyata daxil olur. Məsələn, bizim əski əlifbada yazılan nə qədər tariximiz var? Deyə bilərikmi ki, bunun hamısı latın qrafikasına çevrilibdir? Yox. Biz onların bir çoxundan məhrum olmuşuq. Soyadlar məsələsinə də bu cür kütləvi bir hərəkatla yanaşılmasının tam əleyhinəyəm.
Sovet dövründə deyirdik ki, bizim soyadlarımız sovet ideoloji basmaqəlibinin nəticəsində verilibdir. İndi kimsə bundan azad olmağı da kütləvi şəkildə eləmək istəyirsə, bu çox səhv olacaq. Mən “ov”dan xilas olmuş bir insanam. Amma elə insanlar var ki, bunu hələ də saxlayırlar. Gələcəkdə hansı qərarı verəcəksə, bu onun öz işi olacaqdır. Yəni burada əlifba islahatı kimi bir addım atmaq olmaz. Mən konkret olaraq bir fikri vurğulamaq istəyirəm.
Ümumiyyətlə, mən dünyada məxsusi bir şəkilçi, ya da bir sonluqla tanınmalıyıq mövqeyini qəbul eləmirəm. Çünki məhz ermənilərlə,  ya gürcülərlə, ya da ruslarla ümumi bir mübarizə altında fəaliyyət aparmaq və bir sonluq tapmaq uğrunda millətin bütün nümayəndələrini bu məsələyə qoşmaq çox yanlışdır. Elə insanlar olacaq ki, türklər kimi soyadında heç bir sonluq qəbul eləməyəcəklər. Mənə elə gəlir ki, millətin dünyaya təqdim olunma simvolu onun yaradıcılığıdır, dünyaya bəxş elədiyi texnoloji, elmi inqilablardır, idman nailiyyətləridir və sair və sair. Azərbaycan bayrağını kim harada qaldırırsa, o, dünyaya Azərbaycanı daha yaxşı bir simvolla təqdim edir. Amma kimsə, sadəcə olaraq, “ov”dan xilas olmaqla millətin işinə hər hansı töhfə vermir. Bu mənim ümumi yanaşmamdır.
Burada ata adının dəyişdirilməsi məsələsi yazılıbdır. Öz adı və soyadı ilə bağlı məsələ aydındır, bəs bu ata adı deyəndə nəyi nəzərdə tuturlar? Söhbət nikahdankənar, yəni qeyri-rəsmi doğulanlardanmı gedir? Yəni kimsə atasının adını nə cür dəyişə bilir? İstərdim ki, hörmətli Rafael müəllim bu məsələyə aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Mənim bir sualım var. Deməli, 53.3-cü maddədə yazılıb: Uşağın soyadı bir qayda olaraq, valideynin soyadı ilə müəyyən edilir. Yəni bura “bir qayda olaraq” əlavə olunub, bu əlavənin nə kimi əhəmiyyəti var? Mənə elə gəlir ki, ilkin redaksiyada da eyni məna var idi. Əgər ilkin redaksiyada yazılsa idi ki, uşağın soyadı valideynin soyadı ilə müəyyən oluna bilər, onda bu dəyişikliyə ehtiyac var idi. Sağ olun.
Sədrlik edən. Bu məsələ ilə bağlı çox çıxışlar oldu. Nizami müəllimə də söz verəcəyəm, amma mən də hesab edirəm ki, bütün bu məsələləri könüllü şəkildə, tədricən həyata keçirmək fikri tamamilə düzdür. İndi dörd nəfər çıxış elədi, ikisi belə dedi, ikisi də elə dedi. Buyursun Nizami Xudiyev.
N.Xudiyev. Hörmətli Oqtay müəllim, hörmətli deputatlar! Mən məsələyə çox diqqətlə qulaq asdım. Bu, taleyüklü bir məsələdir. Bununla əlaqədar çoxdan mübahisələr gedir və mətbuat səhifələrində də öz əksini tapıbdır. Nizami müəllim bu məsələlər haqqında çox düzgün və konkret fikir söylədi. Burada bir məsələ diqqətdə olmalıdır. Adın, soyadın dəyişdirilməsi məsələsi heç də hər kəsin istədiyi şəkildə həyata keçirilməməlidir. Çox düzgün olaraq bura əlavə edilibdir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
İndi Nizami müəllim dedi, Milli Elmlər Akademiyasının nəzdində mütəxəssislərdən, ağsaqqallardan ibarət bir komissiya yaradılıb. Bu məsələ bu saatın özündə  də müzakirədədir. Sizin dediyiniz kimi, Oqtay müəllim, bu müzakirədən sonra vahid bir nəticəyə gəlinəcək, qanunauyğun bir forma qəbul ediləcək və beləliklə də, xalq bunu qəbul eləmək imkanına malik olacaqdır. Hər kəsin öz şəxsi fikrini deməsi qadağan deyil, hərə öz fikrini irəli sürə bilər. O fikir, o təklif müzakirə olunandan sonra bundan daha müvafiqi qəbul olunar və o forma bizdə qanuna çevrilə bilər.
Ancaq bu dəyişikliyə bir balaca düzəliş aparmaq lazımdır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”. Düzdür, adın və soyadın verilməsi və dəyişdirilməsi olar. Ancaq ata adının verilməsi və dəyişdirilməsi çox qəribə səslənir. Atanın adı var, kimsə təzədən atasının adını dəyişdirəcək, ya atasına təzə ad qoyacaq? Bax, burada “ata adı” sözləri yerində işlənməyib. Soyadı olar, adın özünü olar, ancaq  atanın adını dəyişmək qəribə səslənir. Burada bir az düzəliş aparmaq lazımdır. Mən elə bilirəm ki, bu, texniki səhv ola bilər, ayrı cür ola bilməz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Deməli, Baba Tağıyev sual vermək istəyir. Çıxışdan doymayıb, bir sualına da qulaq asaq. Buyurun.
B.Tağıyev. Hörmətli millət vəkilləri! Soyadlarımızın dəyişilməsi ilə bağlı 1926-cı ildə başlayıb 1939-cu ildə bitən böyük bir tarixi yada salsaq, bu proses...
Sədrlik edən. Sualını ver.
B.Tağıyev. O dövrdə bu proses xoşluqla olmuşdu, yoxsa zorla? Bunu biz bilirik, yoxsa bilmirik? Bunu müzakirə eləmək olar, yoxsa yox?
Sədrlik edən. Biz bilirik ki, xoşluqla heç nə olmayıb. Əlifbamızı da belə dəyişiblər, familiyalarımızı da. Sonra, cavabını verdim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rafael Cəbrayılov qanunu təqdim edib. Bəzi suallar oldu, xahiş edirəm, cavab versin. Buyurun.
R.Cəbrayılov.  Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Mən əvvəlcə hörmətli həmkarlarıma söylədikləri fikirlərə görə öz təşəkkürümü bildirirəm. Doğrudan da, Nizami Cəfərovun dediyi kimi, soyadlarla bağlı müəyyən problemlər var. Təbii ki, bunlar araşdırılmalı, vahid bir formanın üzərində dayanılmalı və konkret normativ-hüquqi aktda bu öz əksini tapmalıdır. Mən bununla tamamilə razıyam. Amma Ailə Məcəlləsinin 53-cü maddəsinə təklif olunan əlavədə söhbət adın, atanın adının və soyadının dəyişdirilməsi ilə bağlı  konkret bir qaydanın müəyyən olunması üçün müvafiq icra hakimiyyətinin üzərinə müəyyən bir vəzifənin qoyulmasından gedir. Bu gün adını, atasının adını və soyadını dəyişmək istəyən insanlar üçün konkret bir qayda yoxdur. Bilirsiniz ki, bununla bağlı insanları göndərirlər ki, müəyyən arxivdən çıxarış edib gətirsin, nə bilim, digər sənədləri toplasın. Burada söhbət müvafiq icra hakimiyyətinin üzərinə konkret, vahid bir qaydanın işlənib hazırlanması və bu qaydaya uyğun olaraq, ad və soyadların dəyişdirilməsinin həyata keçirilməsi vəzifəsinin qoyulmasından gedib.
Hörmətli Hikmət müəllim maddənin birinci hissəsində “bir qayda olaraq” ifadəsinin əlavə edilməsinə toxundu. Maddənin əvvəlki mətnində birmənalı şəkildə göstərilir ki, uşağın soyadı valideynlərin soyadı ilə müəyyən olunur. Amma dəyişiklik ondan ibarətdir ki, valideynlər uşaqlarına yalnız öz soyadlarını deyil, başqa bir soyadı da verə bilərlər. Bu, qaydalardan biridir. O ki qaldı atanın adının dəyişdirilməsi məsələsinə, düşünürəm ki, bu,  mübahisə doğurmayan bir məsələdir. Hamımız yaxşı bilirik, mülki hüquqda atalığın müəyyən edilməsi ilə bağlı bir mülki hüquqi institut var. Əgər atanın adı ilə bağlı hər hansı bir səhv, qüsur baş veribsə, bu, dəyişdirilə bilər. Yəni insana bu hüququn verilməməsi özü bir səhvdir. Cənab Sədr, mən düşünürəm ki, bu, mübahisə doğurmayan bir məsələdir. Ona görə adın, atanın adının və soyadın dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı vahid bir qayda işləyib hazırlamalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən.  Fəzail müəllim, buyurun.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada məsələ qalxdı ki, “atanın adının verilməsi və dəyişdirilməsi” anlayışı yerində deyil. Həyatda elə epizodlar olur ki, məhz atanın adının dəyişdirilməsini və ya atanın adının müəyyənləşməsini zəruri edir. Misal üçün, bu və ya digər səbəb ucbatından ata uşağından imtina edir.  Deyir ki, mənim övladım deyil və sair. Onda necə olmalıdır? Yaxud da ata bir, iki yaşında olan uşaqlarından imtina edir. Həmin qadın başqası ilə ailə həyatı qurur, o kişi də deyir ki, həmin uşaqların atasının adı mənim adım olmalıdır. Mən bu şərtlə o uşaqları övladlığa götürürəm ki, onların atası mən olum. Belə olan halda necə olmalıdır? Ona görə də düşünürəm ki, təqdim edilən redaksiya doğrudur, dəqiqdir, məntiqidir və reallığı əks etdirir. Sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tələsən yerimiz var? Deputatlar yazılıblar, imkan verək çıxış eləsinlər. Axırıncı sessiyamızdır. Fəttah  müəllim, buyurun.
F.Heydərov. Çox sağ olun, Oqtay müəllim. Bu cür mübahisələr düşəndə adam bir qədər təəssüflənir ki, biz sadə məsələləri çox mürəkkəbləşdiririk. Müstəqil Azərbaycan dövlətimiz, müstəqil bayrağımız, müstəqil gerbimiz var. Bu, xalqımızın çox böyük nailiyyətidir. Biz iki gün öncə 2 il fəaliyyət göstərən, müstəqil  dövlətimizin əsası olan ADR-in yaradılması gününü qeyd elədik. Həmişə təəssüflənirik ki, bu müstəqillik Azərbaycanda qısamüddətli oldu. Amma Allaha çox şükür, artıq indi müstəqil Azərbaycanın bütün atributları həm mənəviyyatda, həm məişətdə, həm iqtisadiyyatda, həm də dövlət quruculuğunda yüksək səviyyədə həyata keçirilir.
Bu familiya, ad məsələlərinin verilməsi və dəyişdirilməsi məsələsinə gəldikdə isə deyim ki, bizim ayrı-ayrı şəxslərimiz, xüsusilə ideoloji sahənin adamları bəzən bir az qabağa qaçmaq istəyirlər. Tarixi sonradan dəyişmək, ona əlavələr etmək, necə deyərlər, saxtalaşdırmaq düzgün deyil. O dövrdə familiyalar “yev”, “ov” sonluğu ilə verilibdir. Bu, təkcə Azərbaycanda olmayıb ki. Görəsən, Qazaxıstanda da bu söhbət gedirmi? Qazaxların əksəriyyəti “ov”, “yev” familiyası ilə bu gün də fəaliyyət göstərirlər. Dövlət başçısı da həmin sonluqlu familiyanı daşıyır. Hakimiyyət əlindədir, istəsə dəyişə bilər də. Bir fərman verər, hamının familiyasını dəyişər.
Bilirsiniz, bu məsələlərdə çox dərinlərə getmək lazım deyil. Necə müstəqil Azərbaycan dövlətimiz, Azərbaycan dilimiz, xüsusiyyətlərimiz var, buna uyğun olaraq yeni doğulan uşaqlara da gözəl adlar verilməlidir. Adlar ölkəmiz kimi, xalqımız kimi, millətimiz kimi gözəl olmalıdır. Özü də çoxmillətli Azərbaycanda bu bir az çətindir axı.
Ermənilərin böyük əksəriyyəti heç sovet dövründə də familiyalarını dəyişmədi. O vaxt da “yan” idilər, indi də “yan”dırlar. Gürcülər də dəyişmədi. Amma türk dövlətlərində, bizdə, xüsusilə Orta Asiya dövlətlərində yaşayan insanlar o vaxt familiyalarını dəyişdilər. Bu günləri də çoxları dəyişirlər. Öz tarixlərini dəyişirlər. Onların ibtidai məktəbə, birinci sinfə getmə tarixləri var. Məktəbdə jurnallar var. Onların doğum sənədləri var. Onların orta məktəbi qurtarmaq, institutda oxumaq haqqında sənədləri var. Bunların hamısını birdən-birə dəyişib, tamam  başqa bir adamın adına yazmaq kimə gərəkdir?
Budur, burada mənə bir kitab təqdim etdilər: Gəncə, Qarabağ əyalətinin müfəssəl dəftəri. O zamankı adlar, familiyalar burada cəmləşibdir. İndi bunların adını, soyadını dəyişsən, həmin tarixi tapmaq olarmı? Ona görə mənə belə gəlir ki, adamları bu barədə qınamaq, onlara “niyə familiyanı dəyişmirsən” kimi sözlər demək lazım deyil. Həqiqətən də, lazım deyil. Bizə bu fikirlər haradan və kimdən gəlir, bilirik. Mənə belə gəlir ki, bu qanun layihəsi çox doğrudur, düzgündür, bunu bu şəkildə də qəbul edə bilərik. Gələcəkdə biz könüllülük əsasında hər bir şəxsə Azərbaycan vətəndaşına layiq adın verilməsinə nail olmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı. Amma xahiş edirəm, yazılanda bir dəfə yazılın, həvəsə düşüb dalbadal yazılmayın. Bir dəfə yazılın ki, siyahı bilinsin.
X.Kazımlı. Çox sağ olun. Cənab Sədr, təşəkkür edirəm, çünki Siz hamının fikrini diqqətlə dinləməyə üstünlük verirsiniz. Mən çıxış etmək fikrində deyildim, amma burada bir çox fikirlər səsləndi, istədim ki, onlara münasibətimi bildirim. Bu qanuna edilən əlavə tamamilə doğrudur. Burada bir az narahatçılıq doğuran məsələ atanın adı dəyişdirilməsi ilə bağlı oldu. Mən, cənab Sədr, bunu belə izah edərdim. Deyək ki, sovet dövründə ataya Maksim və yaxud başqa bir ad qoyulub. İndi ata onu dəyişdirir. Tutaq ki, dəyişiləndən sonra adı Məhəmməd olub. Övladların da ata adı onun təzə adı ilə gedəcək. Artıq ata adı “maksim oğlu” yox, “Məhəmməd oğlu” olacaq. Mənə elə gəlir ki, bu qanunda göstərilən o müddəa tamamilə o məqsədlə deyil. Ona görə də təklif edirəm, qanunu səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, artıq kifayətdir, yoxsa dəqiqədə bir nəfər yazılacaq. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 12.44 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 2   
İştirak edir  93  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Milli arxiv fondu haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr  və dəyişikliklər edilməsi barədə. Buyursun Şəmsəddin Hacıyev. Hadı Rəcəbli də çıxış etmək istəyir. O da buyura bilər.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil  komitəsinin sədri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri!  “Milli arxiv fondu haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentindən daxil olmuş bu qanun layihəsi ilk növbədə yeni yaradılmış miqrasiya institutunun inkişaf etdirilməsi və bu sahədə çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, daha dəqiq desək, onların pensiya təminatının hərbi işçilər üçün nəzərdə tutulan pensiya təminatına uyğunlaşdırılması ilə bağlıdır.
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda yalnız bir maddəyə iki sözün əlavə olunması nəzərdə tutulur. 8-ci maddənin üçüncü hissəsinə “sərhəd xidməti” sözlərindən sonra “miqrasiya xidməti” sözləri əlavə edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa isə 8 yeni maddənin əlavə olunması nəzərdə tutulub. Təkrar edirəm, bu əlavələr miqrasiya xidməti işçilərinin pensiya təminatının hərbi işçilərin pensiya təminatına uyğunlaşdırılması ilə bağlıdır. Qanun layihələri Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunub və yekdilliklə qəbul olunaraq Milli Məclisdə təsdiq olunmaq üçün tövsiyə edilib. Əgər lazım olsa, əlavə edilən hər bir maddə haqqında ayrıca danışmaq olar. Mən millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli buyursun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Bu qanun layihəsində “Əmək pensiyaları haqqında” Qanunun bir neçə maddəsinə dəyişiklik edilib. Bunlar 9-cu, 20-ci, 26-cı, 29-cu və 37-ci maddələrdir. Mahiyyət, əsasən, ondan ibarətdir ki, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan miqrasiya işçiləri də güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sırasına daxil edilirlər. Yəni onlar ədliyyə sistemində işləmiş müəyyən şəxslərə bərabər tutulurlar və bu sahədə güzəştlər miqrasiya xidmətində çalışan bu qrup insanlara da şamil edilir. Bütövlükdə bu qədər.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım! Əlbəttə, “Milli arxiv fondu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif olunan dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir. Bu layihəni, şübhəsiz, dəstəkləmək lazımdır.
Hesab edirəm ki, xüsusilə arxiv işçilərinin bu gün sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılması çox mühümdür. Çünki bu sahənin əməkdaşları bəzən diqqətdən kənarda olurlar. Halbuki onların işi, həyata keçirdikləri vəzifə tariximiz baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, əlbəttə, mən hər iki dəyişiklikliyə səs verəcəyəm.
Amma fürsətdən istifadə edib iki digər məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Açığı, bu barədə indiyə qədər danışmaq fürsəti olmadığından onlara bu gün diqqətinizi cəlb etmək qərarına gəldim. Birinci məsələ çağdaş tariximizdə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və onların  fəaliyyəti haqqında sənədlərin arxivləşdirilməməsidir. Əvvəllər bununla bağlı partiya arxivi deyilən bir müəssisə var idi. Bildiyim qədər, indi onun funksiyası dəyişilibdir. Amma hər halda, bizim həmin arxivlə qurduğumuz əlaqələr zamanı bəlli oldu ki, orada belə bir fond yoxdur. Mən hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bir neçə ildən sonra çağdaş Azərbaycan tarixinin siyasi institutları araşdırılan zaman kifayət qədər boşluq meydana çıxacaq və hansı qurumların necə fəaliyyət göstərdiyi barədə lazımi materiallar və məlumatlar əldə etmək müşkül məsələ olacaqdır. Birinci qeydim budur.
İkinci qeydim. Hörmətli cənab Sədr, mənə Şirvan şəhəri seçiciləri müraciət ediblər. Şirvan şəhərində arxiv idarəsinin binası çox bərbad vəziyyətdədir, hətta təmirə də yararlı deyildir. Çox yaxşı olardı ki, müvafiq qurumlar Şirvan şəhərində yeni arxiv binasının tikilməsi məsələsinə baxsınlar və bu məsələni müsbət həll etsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Sağ olun, hörmətli Oqtay müəllim. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm. Mən hesab edirəm ki, arxiv işçilərinin, ümumiyyətlə, ziyalı təbəqənin məvaciblərinə mütləq vaxtaşırı diqqət yetirilməlidir. Çünki bu insanlar, o cümlədən də arxiv işçiləri, doğrudan da, çox vacib iş görürlər. Ona görə də mən bu qanun layihəsində miqrasiya xidməti işçiləri üçün nəzərdə tutulmuş güzəştləri arxiv işçilərinə də şamil etmək istərdim. Onların sosial problemlərini həll etmək çox vacibdir. Bu insanlar ölkəmiz üçün, xalqımız üçün, onun tarixinin yaşadılması üçün son dərəcə vacib işlər görürlər.
Elə bir qədər öncə hörmətli Fəttah müəllimin göstərdiyi kitab 1724-cü ildə tərtib olunan və İstanbulda Baş Bakanlıq arxivində saxlanılan vergi dəftərləri əsasında hazırlanıb. Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda hazırlanmış o kitab bu gün bizə çox lazımdır. Çünki o, əyani şəkildə göstərir ki, Azərbaycan Osmanlı imperiyasının tərkibində olarkən Gəncə və Qarabağda nə qədər müsəlman və nə qədər xristian əhali yaşayıb. Onların adları belə orada dəqiq göstərilir. Bu gün həmin materiallar bizim üçün əvəzsiz tarixi mənbədir. Onlar sübut edir ki, o torpaqlar qədimdən bəri məhz müsəlmanlara, yəni azərbaycanlılara məxsusdur. Ona görə mən istərdim ki, bu sahənin insanlarına diqqət artırılsın, onların işləri üçün hər cür şərait yaradılsın. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C.Həsənli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Müzakirə olunan əlavələrə və düzəlişlərə səs verəcəyik. Çünki hər ikisi mütərəqqi xarakter daşıyır və qeyd olunan sahə işçilərinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımların atılmasını nəzərdə tutur. Ancaq məndən əvvəl danışan həmkarlarım kimi, mən də fürsətdən istifadə edib arxivlərlə bağlı bəzi məsələləri sizin diqqətinizə çatdırmaq istəyirəm.
“Milli arxiv fondu haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Amma 1999-cu ildən sonra keçən müddət ərzində bu istiqamətdə xeyli yeni problemlər meydana çıxıb. Mən hesab edirəm ki, həmin problemlərin həllinə yönələn müddəaların bu qanuna əlavə edilməsinə böyük ehtiyac vardır. Respublikada müəyyən idarə və müəssisələrə və xüsusilə Prezident Aparatına verilən arxivlərin şəraiti, texniki vəziyyəti çox gözəldir, işçilərinin əmək haqqı da yüksəkdir. Bunu təqdir etmək lazımdır. O arxivlər bir müddət bundan əvvəl baxımsız bir vəziyyətdə idi. Hesab edirəm ki, indi çox az ölkədə arxiv fondları o formada gözəl düzəldilibdir.
Amma məsələnin bir ayrı tərəfi də var. O da bizim qalan arxivlərlə bağlıdır. Bunlar dövlət arxivləri olmasına baxmayaraq, dövlət, o cümlədən də bizim Milli Məclis öz sənədlərini həmin arxivlərə verməsinə, o sənədlərin bir hissəsinin məxfi fondlarda saxlanılmasına və o məxfi fondların həmin adamlara etibar edilməsinə baxmayaraq, bu adamlar dövlət qulluqçuları siyahısına daxil edilmir, çox cüzi əmək haqqı ilə yaşayırlar. Nəzərə almaq lazımdır ki, arxiv işçisini yetişdirmək elə də asan məsələ deyil və bu gün ali məktəb məzununu aparıb o fondların içərisinə salmaq mümkün deyil. Bunlar müəyyən hazırlıq keçməlidirlər. İkinci bir tərəfdən bunlar qeyri-adi iş şəraitində işləyirlər. O fondlarda müəyyən kimyəvi maddələrdən, müxtəlif texniki vasitələrdən istifadə olunur və bunun bütün ağırlığı həmin işçilərin üzərindədir.
Oqtay müəllim, mən xahiş edirəm, elə bu düzəlişin gündəmə gəlməsindən istifadə edərək, Siz öz nüfuzunuzdan istifadə edib, bizim böyük arxiv fondları olan Azərbaycan Dövlət Arxivi, Azərbaycan Dövlət Tarix Arxivi, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Foto-kino Sənədlər Arxivi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və xüsusilə əmək haqlarının artırılması üçün onların dövlət qulluqçusu statusu almasına nail olasınız. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəzərə alarıq. Mən bu məsələ ilə maraqlanaram. Ancaq mən bilirəm ki, bütün arxivlər yavaş-yavaş yüksək səviyyədə təmir olunurlar, çox gözəl vəziyyətdədirlər. Elə Milli Məclisin arxivi də bu saat ən müasir arxivlərdən biridir. Yəni hamı özünə aid arxivləri yavaş-yavaş qaydaya salır. Fəzail İbrahimli buyursun.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Mən çox qısa danışıb  fikrimi bildirmək istərdim. Bu əlavə və dəyişikliklər ayrı-ayrı təbəqələrin rifahına yönəlmiş kifayət qədər taleyüklü məsələlərə diqqətin ifadəsi və cəmiyyətdə gedən ümumi inkişafa xidmətdir. Mən boş vaxtlarımda Azərbaycan Respublikası Prezidenti yanında siyasi arxivlərdə işləyirəm və bəzən dövlət arxivinə də yolum düşür.
1990-cı ilin əvvəllərində mən doktorluq dissertasiyası yazan zaman o arxivlərə girən insanın onlardan üst-başını batırmadan çıxması mümkün deyildi. Həmin arxivlərə girən hər bir adamın xəstələnib çıxmaq ehtimalı var idi. Adını çəkdiyim hər iki arxiv bu gün dövlətin diqqət və qayğısı nəticəsində beynəlxalq standartlara tam cavab verir. Sözün həqiqi mənasında bu, millətin sərvətinə böyük diqqətin ifadəsidir.
Azərbaycanın tarixinin qorunub saxlanması üçün ən vacib mərkəzlərdən biri dövlət arxividir. Orada işləyən işçilərin əmək haqqı bu gün digər əmək haqlarından kifayət qədər fərqlidir. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivinin “Qələbə” kinoteatrından aşağıda yerləşən yeni binasını hamımız tanıyırıq. O da eynilə beynəlxalq standartlara uyğun bir arxiv idarəsinə çevrilib. Sadəcə olaraq, bunların arasında fərq ondan ibarətdir ki, Mərkəzi Dövlət Arxivində işləyənlərin məvacibi bugünkü tələbləri kifayət qədər ödəmir. Güman edirəm ki, ölkədə gedən sosial-iqtisadi inkişaf sayəsində onların əmək haqqı və pensiya təminatı məsələləri də öz qaydasına düşəcək.
“Milli arxiv fondu haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi müsbət addımdır. Səs verib bu qanun layihəsini qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil müəllim də bəzi dövlət arxivlərində əmək haqlarının azlığını qeyd etdi. Biz bu barədə danışarıq. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən məndən öncə çıxış edənlərin fikirlərinə qoşuluram. Doğrudan da, arxiv işi sahəsində son illər çox ciddi irəliləyiş əldə olunmuşdur. Mən bu sahə ilə bağlı bir qeydimi hökumətin keçən hesabatında səsləndirmişdim. İcazə versəydiniz, məqamdan istifadə edib bir daha deyərdim.
Şirvan zonasında bir çox rayonların çox gözəl yeni arxiv binaları tikilib. Bu arxiv binalarında iş şəraiti də ən yüksək səviyyədədir. Amma çox böyük ürək ağrısı və təəssüflə demək istəyirəm ki, Şirvanın ən gözəl şəhərlərindən biri olan Şamaxı şəhərinin arxivinin bu gün yenidən qurulmasına və yeni bina ilə təmin olunmasına ciddi ehtiyac var. Mən bu fikri bələdiyyə seçkilərindən sonra hökumətin hesabatı zamanı da səsləndirmişdim. Amma təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb.
Hər kəs gözəl bilir ki, Şamaxı şəhərində 1937–1938-ci illərdə sürgün olunmuş, güllələnmiş kifayət qədər ziyalılar olub. Bir neçə on il bundan qabaq Şamaxı şəhərinin arxivi yandığı üçün orada bu insanlar haqqında, demək olar ki, bütün məlumatlar məhv olub. Mən çox istərdim ki, bizim  milli arxivimizlə bağlı məsul şəxslər bu materialları başqa arxivlərdən əldə etməkdə Şamaxı rayonunun arxiv idarəsinə yardımçı olsunlar. Düşünürəm ki, bu materiallar bu gün bizim Milli Təhlükəsizlik Nazirliyinin arxivində və keçmiş SSRİ-nin hüquqi varisi olan Rusiyanın arxivlərində ola bilər. Bu sənədlərin bərpası üçün, şübhəsiz ki, bir rayonun arxiv idarəsinin gücü yetməz. Mən çox istərdim ki, respublikamızda bu işə məsul olan şəxslər Şamaxı rayon arxivinin bərpa olunmasına yardımlarını əsirgəməsinlər. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri   (saat 13.02 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0   
İştirak edir  92  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında. Buyurun, Tahir Rzayev.
T.Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin  üzvü.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Dünya şöhrətli kurort şəhər kimi tanınan Naftalanın inkişaf etdirilməsi, mühüm əhəmiyyətli sağlamlıq mərkəzinə çevrilməsi, şəhərin mühəndis-kommunikasiya qurğularının və xətlərinin yenidən qurulması dövlətimizin diqqət mərkəzindədir. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin 2009-cu il 6 fevral tarixli 125 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan müddəalar da Naftalan kurort şəhərinin yenidən qurulmasına, genişləndirilməsinə, bu sağlamlıq ocağının dünyada tanıtdırılmasına xidmət edir.
Bu gün müzakirənizə təqdim olunan Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi də bu nəcib məqsədləri bir daha özündə əks etdirir. Həqiqətən də, bu gün Naftalan şəhərinin ərazisinin genişləndirilməsinə, burada yeni kurort müəssisələrinin salınmasına, ərazinin yaşıllaşdırılmasına və sağlamlaşdırılmasına böyük ehtiyac vardır. Bu, bütün insanların arzusudur. Çünki burada hər il minlərlə insan müalicə olunur, sağlamlığını bərpa edir. Bütün bunları nəzərə alaraq, qanun layihəsində Naftalan şəhəri ilə həmsərhəd olan Goranboy rayonunun inzibati ərazisinə aid Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərinin 2203,8 hektar torpaq sahəsi ilə birlikdə Naftalan şəhərinin inzibati ərazi vahidinin tərkibinə daxil edilməsi, həmçinin Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsinin Tatarlı kənd ərazisindən 345,16 hektar və Qaraqoyunlu kənd inzibati ərazi dairəsinin Tap Qaraqoyunlu kənd ərazisindən 133,84 hektar torpaq sahəsinin Naftalan şəhərinə birləşdirilməsi qərara alınmışdır.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Goranboy və Naftalan şəhərlərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi ilə əlaqədar lazım olan bütün sənədlər hər iki rayonun müvafiq orqanları tərəfindən qanunvericiliyə uyğun hazırlanmış və təqdim edilmişdir.
Regional məsələlər komitəsinin iclasında bu məsələ müzakirə olunmuş və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Elə bilirəm, Naftalan şəhərinin müasir, abad kurort şəhərinə çevrilməsi, inkişaf etdirilməsi hər bir deputatın ürəyindəndir və bütün deputatlar bu qanun layihəsinə səs verəcəklər. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Tahir müəllim.  Gültəkin Hacıbəyli.
G.Hacıbəyli. Sağ olun, Bahar xanım. Hörmətli həmkarlar! Naftalan Azərbaycanın ən perspektivli kurort şəhərlərindən biridir və mən çox sevinirəm ki, son bir neçə il ərzində Naftalana böyük diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il mart ayının 3-də Naftalana səfərindən sonra bu şəhər, demək olar ki, öz ikinci həyatını yaşamağa başlamışdır. Qısa müddət ərzində şəhərdə çox böyük işlər həyata keçirilmişdir. Şəhərin infrastrukturu təzələnir. Kəndlərin enerji təchizatı sahəsində qısa müddətdə, demək olar ki, 3-4 ay ərzində çox böyük işlər görülmüşdür. Naftalan gözümüzün qarşısında gözəlləşir, abadlaşır. Naftalanda yeni sanatoriya-tibb müalicə mərkəzləri tikilməkdədir.
Ancaq Naftalan çox kiçik bir ərazidə yerləşir. Elə vəziyyət yaranıb ki, Naftalanın çoxmərtəbəli binalarının yerləşdiyi ərazi belə onun deyil, Goranboyun ərazisi sayılır. Bu baxımdan şəhərin perspektiv imkanları, demək olar ki, tükənib. Şəhər rəhbərliyi onun inkişafı üçün əlindən gələni eləyir, doğrudan da, çox böyük işlər görülür. Amma Naftalanın ərazisinin məhdudluğu bu işlərin daha geniş miqyasda həyata keçirilməsi üçün çox ciddi bir əngələ çevrilib. Yəni orada yeni parkların salınması, yeni istirahət mərkəzlərinin yaradılması üçün, demək olar ki, imkan yoxdur.
Naftalanın ətrafında Goranboya aid olan, amma faktiki olaraq Naftalana bitişik ərazilər var. Bunlar Goranboyun Tap Qaraqoyunlu, Qaşaltı Qaraqoyunlu və Tatarlı kəndlərinin əraziləridir. Mən düşünürəm ki, bu ərazilər də Naftalana veriləndən sonra kurort şəhərdə son bir neçə ayda vüsət almış quruculuq, abadlıq işləri daha böyük sürətlə aparılacaq, daha gözəl nəticələr əldə olunacaqdır. Mən Naftalandan seçilmiş bir millət vəkili olaraq hörmətli həmkarlarımı bu qanuna səs verməyə və bununla da Naftalanın inkişafına öz töhfəsini əsirgəməməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Gültəkin xanım. Nəsib Nəsibli.
N.Nəsibli.  Hörmətli Bahar xanım, möhtərəm millət vəkilləri! Əlbəttə, mən bu qanun layihəsinə müsbət səs verəcəyəm. Problemi bilmirəm. Görünür, belə bir dəyişikliyə də ehtiyac var. Amma mənim kiçik qeydim “rayon” sözü ilə bağlıdır. “Rayon” sözü hamı bilir ki, dilimizə yaddır, ən vacibi isə sovet ərazi inzibati bölgüsünü simvollaşdıran bir sözdür. Postsovet məkanındakı keçmiş respublikalarda bu sözü dəyişdirib yerli terminlərlə əvəz ediblər. Mən bir dəfə bu sözün tariximizdə olan və dilimizə uyğun sözlə əvəz edilməsini təklif etdim. Hörmət elədiyim filoloq həmkarlarımdan biri etiraz edib dedi ki, bu sözə adət etmişik, ona görə də dəyişdirə bilmərik. Məncə, qəbul edilməsi çətin olan bir arqumentdir. Zərərli adətlərdən nə qədər tez əl çəksək, o qədər yaxşı olar. Tariximizdə olan “qəza”, “mahal” sözləri ilə yanaşı, bu gün qeyri-rəsmi işlədilən “bölgə” sözü də var. Olmazmı bu sözdən istifadə edək?
Ötən iclasların birində Əzizbəyov rayonunun adının dəyişdirilməsi haqqında, məncə, düzgün qərar verildi. Çünki Əzizbəyov və onun yoldaşları bu cür şərəfə layiq deyillər. Heykəli götürüləndən öncə yazmışdım ki, Allah eşqinə, bir adam durub desin, Əzizbəyov və ya Caparidze bu gün nəyi simvollaşdırırlar, nəyin simvollarıdırlar? Azərbaycan istiqlalının qatı düşmənləri olan Şaumyanların buyruq qulu olan bu kəslər, nəhayət, layiqli qiymətini almalıdırlar. Əslində, məsələ yalnız onlarla bitmir. Əsas sual budur ki, milli mənafeyə düşmən kəsilmiş bu şəxslər milli qəhrəmanlar siyahısından niyə Azərbaycan istiqlalının bərpasından yalnız 19 il keçdikdən sonra çıxarılırlar?
Əski sovet düşüncəsindən qopma prosesi çox ləng gedir. Bir-iki misal çəkim. Televiziya kanallarında aşıqların NKVD paltarında, yəni kitel, uzunboğaz çəkmə və enli toqqa ilə görünməsi davam edir. Bu təxminən yəhudi müğənnisinin SS paltarında səhnəyə çıxmağı kimi bir şeydir. Aşıqların  bir hissəsi bəlkə bu rəzilliyin fərqində deyil, heç olmasa, televiziya kanallarının rəhbərləri, Mədəniyyət Nazirliyi buna fikir versə idi, yaxşı olardı.
Bu gün belə sovet dövrünün yad, heç də qəhrəman olmayan şəxsləri xalqa sığınır. Məsələn, biz hələ orta məktəbdən qubalı Fətəli xanı bir qəhrəman kimi tanımışıq və bu gün də o, qəhrəmanlar sırasında yer alıb. Halbuki heç bir ciddi tarixçi bu şəxsin qəhrəmanlığını sübut edə bilməz. Sovet tarixçiliyinə görə, bu xan ona görə qəhrəman idi ki, rusların himayəsinə girməyə, başqa sözlə, onların nökəri olmağa çalışırdı. Bir neçə ay qabaq “Space” kanalı “Fətəli xan” filmini göstərdi. Sovet dövründə onu göstərəndə məntiq var idi. İndi bunu göstərməyin mənası nədir? Bu film bədiilik baxımından zamanında zəif film sayılırdı. İndi isə, sadəcə, primitivdən də aşağı səviyyəli film kimi qəbul edilməlidir. Ən əsası da bu film siyasi baxımdan zərərlidir, daha doğrusu, rəzillikdir.
Qəhrəmanlardan söz düşmüşkən, Fətəli xanın oğlu atasından fərqli olaraq həqiqi qəhrəmandır. 1822-ci ilədək, ölümünədək əlində silah işğala qarşı vuruşub. Amma Azərbaycanın bu Şeyx Şamili haqqında nə bir film var, nə də ciddi bir araşdırma aparılıb. Çünki bizim homosovetikus məmurların qəhrəman standartlarına yadlardan mədəd uman Fətəli xan kimi tiplər uyğun gəlir.
Köhnəlikdən yapışmaq cəhdi ilə bağlı başqa bir misal da çəkim. 2010-cu ildə Azərbaycan Bolonya prosesinə qoşulmalıdır. Amma bu gedişatla bizim ali təhsil sistemini Avropa standartlarına, heç olmasa,  oxşatma cəhdi də uğursuz olacaqdır. Çünki mənim müşahidələrimə görə, təhsil sahəsinin kapitanları və yaxud onların xeyli hissəsi Avropa təhsilini idarəetmə qaydaları ilə heç tanış belə deyillər. Keçən il qəbul etdiyimiz yeni təhsil qanunu da, məncə, elə bunu göstərir. Ən əsası, rüşvət olan yerdə Avropa təhsil standartlarından danışmaq yersizdir. Səhiyyə naziri dəyişdi, amma səhiyyədə vəziyyət yenə eyni qaydada davam edir. Korrupsiya, qeyri-peşəkarlıq, sığorta səhiyyəsinin olmaması və sair Azərbaycan səhiyyəsini xarakterizə edən özəlliklərdir. Sovet dövrünün köhnəfikirliliyini göstərən başqa faktları və sahələri də sıralamaq olar. Amma məncə, bu yetərlidir. 
Siyasi loyallığını bir daha sübut etmək istəyənlər, güman ki, tapılacaq, cavab olaraq deyəcəklər ki, siz də dəyişməmisiniz, eyni sözü deyirsiniz, yeni yolları, körpüləri görmürsünüz. Bunlar doğrudur, əlbəttə, amma daha əhəmiyyətli problemlər həll edilmir, yaxud da çox ləng həll edilir. Xahiş edirəm, bir sualıma həmin adamlar cavab versinlər. Proqram sənədində və adında “Yeni Azərbaycan” sözləri olan hakim partiya niyə yeniləşmə tərəfdarı deyil, bəzən hətta yeniləşmə hərəkatının qarşısını alır? Çox təşəkkür edirəm. 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Demək, bu çıxış sənin müxtəlif məsələlər barədə fikirlərindən ibarət oldu. Gündəlik qaldı bir tərəfdə, keçdin səhiyyəyə, təhsilə, təhsildən nə bilim hara. Belə olmaz axı! Rəbiyyət Aslanova.
R.Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Düzdür, biz gündəlikdəki məsələ, Naftalan haqqında danışırdıq, amma millət vəkilimiz Nəsib Nəsiblinin çıxışı istiqaməti dəyişdi və bu çıxışla bağlı yaranan fikirlər məni bir az uzaqlara apardı. Mən bu fikirləri sizinlə bölüşmək istərdim.
Hörmətli həmkarlarım, xaricdən qonaq gəlmişdi. Bu qonağı şəhərdə gəzdirdikdən sonra mənə dedi ki, sizin ən böyük hökmdarınızın heykəlini görmək istəyirəm. Onu Şah İsmayıl Xətainin heykəlinin yanına apardım. Diqqətlə baxdı, baxdı, soruşdu ki, niyə Şah İsmayıl Xətai qılıncı dizlərinin üstünə qoyub, belə qəmgin oturub, fikrə dalıb? Bir anlığa fikirləşdim ki, bunu yaradan heykəltəraş şahın heykəlini əzəmətli bir atın üzərində yaratsaydı, daha gözəl olardı. Amma sənətkar təxəyyülünün nəticəsidir, bu cür yaradıb. O zaman bütün biliyimi, bacarığımı köməyə çağırdım və dedim ki, bilirsiniz, biz elə böyük bir xalqıq ki, silaha sarılmazdan əvvəl sülh mədəniyyətinə üstünlük veririk. Şah İsmayıl Xətainin tarixdə çox böyük fəthləri, böyük qələbələri var, amma o hər şeydən öncə fikirləşirmiş ki, silahı qardaş qanı tökmək üçün qaldırım, ya qaldırmayım? Bu belə interpretasiya idi. Ancaq onun növbəti sualını eşidəndə mən daha çətin vəziyyətə düşdüm. O soruşdu ki, bəs sizin xanların sərdabələri haradadır? Bax onda fikirləşdim ki, biz əgər o xanların kölgəsini belə daim qılınclamışıqsa, onların sərdabələri haradan ola bilərdi? Hətta bu gün də Ağası xanın, İbrahim xanın, Mehdiqulu xanın və digərlərinin nə qəbirləri, nə sərdabələri, nə də heykəlləri var. Bilirsiniz niyə? Çünki biz dəyişməmişik. Bu cür çıxışlar bunu bir daha sübut edir. Bu gün Nəsib müəllim deyir ki, Fətəli xan rusların nökəri olmağa çalışırdı və sair. O zaman da belə deyənlər olub.
Bir misal da deyim. Şəkidən olan millət vəkilləri buradadırlar. Hər biriniz Şəki Xan Sarayında olmusunuz. Bu, xanın sarayı, iqamətgahıdır. Oradan aşağı tərəfdə Diyarşünaslıq muzeyi yerləşir. Əziz həmkarlarım, orada  olmamısınızsa, yolunuz düşəndə gedin, baxın. Diyarşünaslıq muzeyi vaxtilə bir alban kilsəsi imiş. Onun həyətində bir xristian din xadiminin qəbri var, üzərində mərmər plitə və sair. Ancaq Ağası xanın qəbri yoxdur, Çələbi xanın qəbri yoxdur, heykəlləri də yoxdur. Onlar haqqında heç nə yoxdur. Niyə? Ona görə ki, biz əvvəlkilərin kölgəsini qılınclamışıq, onların xatirəsinə hörmətsizlik eləmişik və bu gün də o ənənə davam edir.
Fətəli xan Azərbaycanın böyük xanı olub. Fransızlar deyir, Allah olmasa da, onu uydurmaq lazımdır ki, insanların sitayiş etdiyi bir məbud, bir yer olsun. Bu gün biz əgər öz xanlarımızın, tarixdə olan dövlət xadimlərimizin qiymətini, dəyərini bilməyəcəyiksə, sabah da bizə heç kəs dəyər verməyəcək. Keçmişinə güllə atanı tarix sabah topa tutacaq. Qazaxlar öz xanlarının ümumi sərdabəsini yaratdılar.  Bu günə kimi biz, heç olmasa, belə bir simvolik sərdabə də yaratmamışıq. Halbuki dövlətdən, dövlətçilikdən, dövlətçilik ənənələrindən danışırıqsa, böyük dövlətçilik tariximizin olduğunu sübut etmək üçün bu da lazımdır. Ona görə tarixçilərimizdən xahiş edirəm, özləri tarixçi ola-ola tarixə bu qədər kölgə salmasınlar, tarixi təhrif eləməsinlər. Mən sabah övladıma deyəndə ki, bizim böyük bir dövlətçilik ənənəmiz, xanlarımız, şahlarımız, əsilzadələrimiz olub, kimi göstərəcəyəm? Bəlkə elə o əsilzadələrin qiymətini vermədiyimizə görə bu gün süni, dırnaqarası əsilzadələr, xanlar, bəylər meydana çıxıb? Bax, bu olmasın deyə tariximizə gəlin bir az hörmətlə, ehtiramla yanaşaq.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Sağ olun, hörmətli Sədr. Mənim demək istədiklərimin əksəriyyətini Rəbiyyət xanım dedi. Mən ona öz təşəkkürümü bildirirəm ki,  Nəsib Nəsiblidən fərqli olaraq tarixi hadisələrə obyektiv və qərəzsiz yanaşmanı ortalığa qoydu. Nəsib Nəsiblinin Fətəli xan haqqında dediyi qərəzli, qeyri-obyektiv, ikrah dolu fikirlər bir tarixçi olaraq məni narahat etdiyinə görə fikirlərimi demək üçün çıxışa yazılmalı oldum. Fətəli xan cənublu-şimallı, güneyli-quzeyli bütün Azərbaycan xanlıqlarının vahid bir dövlət şəklində birləşməsi uğrunda uzun illər boyu fədakarcasına mübarizə aparan, həyatını buna həsr edən bir insan, bir hökmdar olub. Fətəli xan ona görə Rusiya ilə müəyyən diplomatik münasibətlər quraraq onu neytrallaşdırmağa çalışıb ki, özünün ideyalarını həyata keçirməkdə Rusiya ona maneçilik törətməsin. Tarixi təkcə oxumaq deyil, həm də yaxşı öyrənmək, ondan ibrət dərsləri götürmək və bu cür hadisələrə məsuliyyətli münasibət bəsləmək lazımdır.
Mən heç zaman istəməmişəm ki, bu və ya digər millət vəkilinin fikirlərinə xüsusi rəyimi bildirim. Lakin elə məqamlar var ki, orada danışmaya bilmirsən. İqtidarı ittiham edir ki, hakim partiya bu yeniləşməni aparmır. Lakin o biri tərəfdən də çıxışında söyləyir ki, yaxşı oldu, Əzizbəyov rayonunun adı dəyişdirildi. Bəs bu, yenilik deyil? Bu gün Azərbaycanda ən müxtəlif istiqamətlərdə yeniləşmə göz önündədir. Hətta dünyanın ayrı-ayrı ölkələrindən gələn insanlar da Azərbaycanda bu yeniliyi etiraf edirlər. Əgər müxalifətçiliyin hər şeyi danmaqdan ibarət olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Bu, Azərbaycanın dünəninə, bu gününə qərəzli münasibətdən başqa bir şey deyil. Sağ olun.
Sədrlik edən. Elə alovlu çıxış elədin ki, elə bil, Nəsiblinin o cür çıxışı sənin üçün yeni bir şeydir. Əhməd Vəliyev.
Ə.Vəliyev. Çox sağ olun, Oqtay müəllim. Mənim danışmaq fikrim yox idi. Açığı, həmkarım Nəsibli danışandan sonra mən məcburiyyət qarşısında qalıb bəzi məqamlara toxunmaq istədim. Müxalifət düşərgəsindən olan həmkarlarım bəzən çox qəribə çıxışlar edir, hansı sahədə inkişaf, irəliləyiş varsa, oranı baltalamaqla məşğul olurlar.
Bu gün Azərbaycan Respublikasında təhsil və səhiyyə sahəsində görülən işlər, mən deyərdim ki, bəlkə son 50 ildə görülməyib. Son zamanlar təhsil və səhiyyə sahəsində aparılan islahatlar, görülən işlər təqdirə layiqdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, təhsil və səhiyyə sahəsində hər hansı bir çatışmazlıq və ya problem varsa, onun həlli hamının işidir. Çünki təhsil sahəsi də, səhiyyə sahəsi də bütün xalqı, hamını əhatə edir. Bu işin yalnız konkret bir təhsil və ya səhiyyə işçisinin boynuna qoyulması, mənə elə gəlir, düzgün deyil.
Bu gün təhsilimizdə, səhiyyədə olan islahatlar göz qabağındadır. Mən hesab edirəm ki, təhsil sahəsində hər hansı bir islahatı aparıb onun nəticəsini 5 günə, 3 günə əldə etmək qeyri-mümkündür. Təhsil sahəsində nəticə on illərdən sonra üzə çıxır. Bu gün mən bir təhsil işçisi kimi qeyd etmək istəyirəm ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar bir neçə ildən sonra öz bəhrəsini verəcək.
Ölkəmizdə təhsil sahəsi də, səhiyyə sahəsi də ölkə Prezidentinin birbaşa diqqət və qayğısı ilə əhatə olunub. Buna kölgə salmaq, mənə elə gəlir, düzgün deyil. Əgər danışmaq xatirinə danışırıqsa, mən hesab edirəm ki, bu düzgün yanaşma deyil, bu, təhsil sahəsində, səhiyyə sahəsində çalışan insanlara hörmətsizlikdir. Bu sahələrdə yüz minlərlə insan çalışır. Onlara qara yaxmaq, onların bütün fəaliyyətini mənfi qiymətləndirmək haqsızlıqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən başa düşə bilmirəm, niyə hamınız sıradan bir çıxışa belə yanğı ilə reaksiya verirsiniz? Belə çıxışlara öyrəşməmisiniz? Təhsil qanunu 15 il idi qəbul olunmurdu. Elə burada müxalifət qarışıq hamı “bəh-bəh” deyə-deyə bu təhsil qanununa səs verdi. İndi təzədən təhsildən danışılır. Biz belə şeylərə öyrəncəliyik. Bunlar onsuz da istənilən yaxşı işə mütləq mənfi münasibət bildirməlidirlər. İndiyə kimi olubmu ki, bizim ağ dediyimizə bunlar qara deməsinlər? Hərdən bunu yeni bir şey kimi qəbul etməyiniz mənə qəribə gəlir. İndi Vahid müəllim də yəqin Fətəli xandan danışacaq. Buyur.
V.Əhmədov. Bir kəlmə söz deyim, Oqtay müəllim. Nəsib müəllimə böyük hörmətim var, onunla mübahisə aparmaq istəmirəm. Sadəcə, məlumat vermək istəyirəm ki, cənab Prezidentin razılığı ilə Qubada Fətəli xanın 15 metr hündürlüyündə heykəli qoyulur. Nəsib müəllimi o heykəlin açılışına dəvət edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri   (saat 13.23 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 1   
İştirak edir  91  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Oqtay müəllim, minnətdaram. Bizim qəbul etdiyimiz “Bədən tərbiyəsi və idman haqqında” Qanunda idmanla bağlı mərc oyunları məsələsi də öz əksini tapıbdır. Qanunun işlək olması üçün ona bir-iki düzəliş edilib. Birinci nədir? Birincisi, əsas anlayışlara idmanla bağlı mərc oyunlarının nə demək olduğunu yazırıq, açıqlama veririk. İkincisi isə, müvafiq icra hakimiyyətinə bunun təşkili ilə bağlı bəzi göstərişlər veririk. Hər iki məsələ, əslində, konkretliyə, qanunun keyfiyyətinin bir az da yaxşılaşmasına xidmət edir. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Astan müəllim, aydın olmayan məsələ var? Buyurun.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hadi müəllimə sualım var. Bu qanuna olan dəyişiklik vergilərdə nə cür nəzərə alınacaq, bunun mexanizmi nədir? İkinci məsələ, idmanda, xüsusilə də komanda növlərində mərc oyunları neqativ hallara gətirib çıxarmayacaqmı? Mən nəticəsi əvvəlcədən razılaşdırılan oyunları, komandanın və ya oyunçuların bir hissəsinin pul ilə satın alınması və sair kimi məsələləri nəzərdə tuturam.
Sədrlik edən. İkinci suala mən cavab verim, birincisinə Hadi müəllim. Əvvəla, o oyunu oynayanlar özləri üçün oynayırlar. Bunun komandalara heç bir dəxli yoxdur. Bu qanun layihəsinin qəbul olunması isə o deməkdir ki, həmin pullar artıq xarici ölkələrə getməyəcək, Azərbaycanda dövr edəcək. Onsuz da bu oyunu oynayırlar. Qoy bu pullar idmanın inkişafına kömək etsin, Azərbaycanda qalsın, daxilə yönəlsin. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Oqtay müəllim, Siz aydınlıq gətirdiniz. Biz bunun açıqlamasını anlayışlarda vermişik. Bu, bütövlükdə Azərbaycan idmanına,  Azərbaycanda idmanın inkişafına xidmət edəcək.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri   (saat 13.26 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1   
İştirak edir  91  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri! Bugünkü iclas 2010-cu il yaz sessiyasının sonuncu iclası idi. Ancaq 84 nəfər millət vəkili növbədənkənar sessiyanın çağırılması barədə müraciət edibdir. Yəqin, iyun ayında növbədənkənar iclaslarımız olacaq. Bu gün 2010-cu ilin yaz sessiyasını bağlı elan edirik. Sağ olun.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU