18.06.2010 - tarixli iclasın stenoqramı

 ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNIN  NÖVBƏDƏNKƏNAR
XV SESSİYASI İCLASININ
                                                                                                                                                     
P   R  O  T  O  K  O  L  U   №

Milli Məclisin iclas salonu.

18 iyun 2010-cu il. Saat 12

Milli Məclisin Sədr
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin  111 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Ş.Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
F.Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A.Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
 

*   *    *

X.Zeynalov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi.
Z.Əlizadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəis müavini.

İclasın gündəliyinə aşagıdakı məsələlər daxil idi:

1. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

3. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması,  icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

4. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

6. “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında 

7. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

10. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

11. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

12. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixl   768-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

13. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

14. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

18. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.

19. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

21. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

22. “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-ın Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

23. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

24. “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

25. “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

26. Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

27. Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

28. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”  Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

29. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

30. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

31. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə (ikinci oxunuş).

İclasın gündəliyində qalan məsələlər:

1. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

3. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixl   768-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

5. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

9. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.

10. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

11. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

12. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

13. “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-ın Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

14. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

15. “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

16. “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

17. Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

18. Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

19. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”  Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

21. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

22. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə (ikinci oxunuş).

 

Azərbaycan Respublikası
 Milli Məclisinin Sədr                                                 O.Əsədov 

 

MİLLİ MƏCLİSİN İCLASI

18 iyun 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət  vəkilləri, hörmətli hökumət nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat                             (saat 12.01 dəq.)
İştirak edir                                               100
Yetərsay                                                   83

Yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
 
Səsvermənin nəticələr                       (saat 12.02 dəq.)
Lehinə                                                                     103
Əleyhinə                                                                     0
Bitərəf                                                                        0
Səs verməd                                                                1   
İştirak edir                                                                104  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, növbədənkənar sessiyanın iclasları gedir. Bu gün çox gərgin işləyəcəyik. İyunun 18-də və 22-də keçiriləcək iclasların gündəliyində 31 məsələ var. Mən xahiş edərdim, əgər etiraz yoxdursa, birbaşa gündəliyin müzakirəsinə başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İlk dəfədir, görürəm ki, Milli Məclisdə belə bir birlik yarandı. Çox sağ olun. Gündəliyin birinci məsələsi Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsidir. İkinci oxunuşdur. Buyurun, Əli Hüseynov.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir daha bildirmək istəyirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsinin yaranması ilk növbədə 2009-cu il mart referendumunda Konstitusiyanın 149-cu maddəsinin 8-ci bəndinə edilən dəyişikliklərdən irəli gəlmiş oldu. Orada qeyd olunurdu ki, normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Biz hesab edirik ki, cənab Prezident tərəfindən tamamilə düzgün olaraq özündə normativ hüquqi aktların dərc edilməsini də ehtiva edən, amma daha geniş, müasir tələblərə cavab verən Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu parlamentə təqdim olunmuşdur.
Normativ hüquqi aktlar haqqında qanun layihəsi öz hüquqi texnikası və terminologiyasına görə ən mürəkkəb qanunlardan biridir və təbii ki, müzakirələr zamanı bu yönümdən bir sıra təklif və  iradlar olmuşdu. Məlumat üçün bildirmək istəyirəm ki, qanun layihəsi üzərində iş həm  burada çox dəyərli təkliflərlə çıxış etmiş millət vəkillərinin, eyni zamanda, “Tvininq” proqramı çərçivəsində litvalı ekspertlərin və  USAİD parlament proqramı çərçivəsində verilmiş digər bir başqa rəyin araşdırılması nəticəsində meydana çıxmışdır. Birmənalı deyə bilərəm ki, parlamentdə çıxış edən hörmətli Ziyafət müəllim, Jalə xanım, Pənah Hüseyn, İlyas İsmayılov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı və digər millət vəkilləri çox dəyərli təkliflər vermişdilər. Əminəm ki, onlar üçüncü oxunuşla bağlı təqdim olunmuş layihəyə də baxıblar və bilirlər ki, qanun layihəsi onların irad və təklifləri əsasında nə dərəcədə təkmilləşdirilmişdir.
Hesab edirik ki, Konstitusiya qanununun dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri ilə bağlı 65-ci maddəsinin yenidən işlənməsi çox böyük bir əhəmiyyət kəsb etmişdir. Çünki hüquq sisteminin sabitliyi ilə bağlı tələblər subyektləri qanun  yaradıcılığı prosesinə daha peşəkar yanaşmağa vadar edirdi. Eyni zamanda, qeyd etmək lazımdır ki, dövlət hüquq nəzəriyyəsində hüququn anlayışına müxtəlif  baxışlar mövcuddur və Azərbaycanın müasir hüquq sistemində bu, artıq doqma kimi qəbul edilmir. Ona görə layihədən “hüquq”, “norma”, “qanunvericilik”, “qanunvericilik texnikası” kimi anlayışların tərifləri çıxarıldı. Elə bilirəm ki, biz bunu etməklə millət vəkilləri ilə təqdimatçılar arasında nəzəri baxımdan yaranmış anlaşılmazlığı da aradan götürmüş olduq. Daha sadə və anlaşıqlı bir dildə “qanunvericiliyin sistemləşdirilməsi”, “inkorporasiya”, “kodifikasiya”, “qanunvericilikdə boşluqlar” və sair terminlərdən istifadə olunmuşdur.
13-cü və 14-cü maddələrdən qanunvericilikdə boşluqların aradan qaldırılması kimi göstərilən “şər və məhkəmə qaydası” sözləri də  çıxarılmışdır. Yeni 77-ci və 80-ci maddələri “Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi” və “Hüquqi aktların dövlət reyestrinin strukturu”, əlavə edilmişdir. Milli normativ aktların Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq aktlara münasibətini əks etdirən fəsil xüsusilə ciddi şəkildə işlənildi. Bu bölmə daha aydın və məntiqli təsvir olunmuşdur.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, əlbəttə ki, müzakirələr zamanı bir sıra prinsipial  mübahisələr də var idi. Bu mübahisələri, təklifləri araşdırmaq məqsədi ilə komitənin təşkilatçılığı ilə litvalı və milli ekspertlərin, Konstitusiya hüququ sahəsində tanınmış mütəxəssislərin və o cümlədən parlamentdə çıxışları zamanı daha çox iradlar bildirmiş hüquqşünas millət vəkillərinin iştirakı ilə bu Konstitusiya qanununun müzakirəsi keçirildi. Sizin də o müzakirəni izləmək, dinləmək imkanınız olmuşdur. Onu deyə bilərəm ki, müzakirə çox səmərəli oldu, sonradan layihə üzərində yenə də işlər davam etdirildi. Amma bir neçə mübahisəli məsələ var idi ki, onlar, hesab edirəm, hüququn fərqli təfsiri ilə bağlı idi. Misal üçün, qanunvericilik işləri planının Milli Məclis və Prezident Administrasiyası ilə birlikdə hazırlanması mətbuatda da çox səslənən bir məsələ idi.
Öncədən sizə deyə bilərəm ki, Venesiya komissiyasının sonuncu iclasında Normativ hüquqi aktlar haqqında qanun layihəsi müsbət rəy almışdı, çünki orada insanlar bu məsələyə dəqiq, hüquqi bir analiz verirlər. Onlar üçün də belə bir müddəanın yeganə bir mənası var; vətəndaş, ölkə əhalisi, parlament və dövlət hakimiyyəti orqanlarının nümayəndələri öncədən dövlətin qəbul edəcəyi qanunların vahid iş planını görmüş olurlar. Bu heç bir halda hakimiyyətin bir qolunun digər qolu üzərində üstünlüyü demək deyil. Bu cür məsələlərdə mübahisələr olmuşdu. Əslində, bu mübahisələr nəticəsində ümum bir razılaşma əldə olunub. Bir sıra məsələlər də var idi ki, onlarla bağlı qanunvericilik təşəbbüsü subyekti ilə razılıq əldə olunmamışdı.
Son olaraq qeyd etmək istəyirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu özündə kifayət qədər ciddi yenilikləri ehtiva edir. Qanunvericilik aktları, normativ aktlar qəbul edən dövlət hakimiyyət orqanlarının bu baxımdan fəaliyyətini ciddi, müasir standartlara uyğun olaraq tənzimləyir. Hesab edirəm ki, bu Konstitusiya qanunu bizim hüquq sistemimiz üçün çox ciddi, mütərəqqi bir tövfədir. Millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm. Təbii ki, bu, Konstitusiya qanunu olduğuna görə burada müəyyən səs çoxluğuna ehtiyac var və həmkarlarımdan bu məsələdə diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Üç həmkarımızın sualı var. Buyurun, İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Konstitusiyamızın 149-cu maddəsinə görə, heç bir qanun Konstitusiyaya zidd olmamalıdır. Dərc olunmuş qanunlar hakimiyyətin hər üç qolu üçün, vətəndaşlar, hüquqi şəxslər, bələdiyyələr üçün məcburidir. Ancaq bu gün müzakirə etdiyimiz qanun layihəsində Konstitusiyaya zidd müddəa var. O da hüququn analogiyası, qanunun analogiyası olmasıdır. İstərdim ki, hörmətli Əli müəllim bu məsələyə aydınlıq gətirsin. Bu, daban-dabana Konstitusiyaya ziddir. Özü də mənim məlumatıma görə, Litvadan olan ekspertlər də bunun əleyhinə rəy veriblər. Sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Əli müəllimdən aşağıdakı sualları hörmətli millət vəkillərinin qarşısında cavablandırmasını istərdim. Birincisi, çıxış zamanı mən və digər başqa deputatlar da buna toxunmuşduq və bildirmişdik ki,  bu qanunun 49.6-cı maddəsinə görə, Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur. Bu müddəa Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin VII bəndinə ziddir. Bu bənd belədir: “Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir”. 96-cı maddə məhz qanunların Milli Məclisə təqdim olunması prosesini nəzərdə tutur. Biz bildirmişdik ki, bu məsələ Konstitusiyanın müvafiq maddəsinə zidd olduğuna görə  buna aydınlıq gətirilməlidir. Qanunvericilik təşəbbüsçüsü subyektinin mövqeyi nədən ibarət olmuşdur?
İkincisi, yenə çox mühüm olan məsələ qanunun 43-cü maddəsi ilə bağlıdır. Mənim tərəfimdən və bir sıra hüquqşünas ekspertlər tərəfindən qanunvericiliyin illik planının Prezidentlə razılaşdırılmış şəkildə tərtib olunması yenə hakimiyyət bölgüsü haqqındakı prinsipə və Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsü subyektlərinin hüquqlarına zidd kimi dəyərləndirilmişdir. Çox təəssüf olsun ki, nə qanunvericilik təşəbbüsü subyekti və onun nümayəndələri tərəfindən, nə də bizim hörmətli hüquqşünas deputatlar tərəfindən bu məsələyə aydınlıq gətirildi.
Mən bu sualı bir daha təkrar edirəm, məsələn, əgər parlamentdə siyasi qüvvələr nisbəti fərqli olarsa, müxalifətdən olan deputatlar çoxluq təşkil edərsə və o halda belə bir razılaşdırma əldə olunmazsa, illik planın tərtib olunması hansı vəziyyətdə olacaqdır? Bir daha təkrar edirəm, biz bunu parlamentin hüquqlarının məhdudlaşdırılması, qanunvericilik prosesinin icra hakimiyyəti tərəfindən monopoliyaya alınması və faktiki olaraq parlamentin qanunvericilik təşəbbüsü hüququnun ləğv edilməsi adlandıraraq bunu Konstitusiyaya dəyişiklik kimi dəyərləndirmişdik.  Prezident Administrasiyası, iqtidar hüquqşünasları, Milli Məclisdəki hüquqşünaslar nə mətbuatda, nə də Milli Məclisdə bu məsələyə aydınlıq gətirdilər. Bu onların arqumentlərinin yoxluğuna dəlalət edir. Əgər o arqumentlər varsa, deyilibsə, burada səslənsin ki, hörmətli deputatlar nəyə səs verdikləri barədə aydın, doğru, düzgün təsəvvür əldə etsinlər. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ ol. Amma yaxşı ki, Pənah bəy, qeyd elədin ki, nəzəri baxımdan. Onu bir az düz qeyd elədin. Sabir Rüstəmxanlı. 
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Mən sual verməzdən əvvəl qısaca deyim ki, son dərəcə səliqəli işlənmiş dəyərli bir qanundur. Dövlət idarəçiliyi mexanizmlərinin işinin qurulması baxımından son dərəcə gərəkli müddəaları özündə birləşdirir. Hər halda mən baxdım, səliqə-sahman baxımından da son vaxtlar bizim qəbul etdiyimiz qanunların ən yaxşılarından biridir. Şübhəsiz, qəbul olunmalıdır və onun xeyrini də görəcəyik.
Mənim iki qeydim var. Onları Əli müəllimə şifahi şəkildə dedim, amma burada da bir daha qeyd etmək istəyirəm. Qanun yaradıcılığında dillə bağlı heç bir sərhəd qoymadığımıza görə Azərbaycanın qanunvericilik dili çox sürətlə çirklənməyə doğru gedir. Bu qanunda da, mənə elə gəlir ki, dəyişdirilməsi və milliləşdirilməsi mümkün olan bir sıra terminlər var ki, bunlar haqqında düşünmək lazımdır. “İnkorporasiya”, “kodifikasiya”, “analogiya”, “kolliziya”, “diskresion”, “lokal”, “linqvistik ekspertlər” və sair. Azərbaycanda “dil ekspertizası” ifadəsi var, niyə “linqvistika” sözünü işlətməliyik? Azərbaycanın izahlı lüğətində “linqvistika” yoxdur, “dilçilik” sözü var. Mənə elə gəlir ki, bu terminlər haqqında düşünmək və gələcəkdə qanun yaradıcılığında dil məsələlərinə diqqəti artırmaq lazımdır. Bu, düzəldilməsi mümkün olan bir şeydir. Məsələn, “kolliziya” sözü var, bu, “uyğunsuzluq”dur. Sonra, “likvizit” sözü burada “şərtlər” mənasında işlədilə bilər. Bunlar hökmən nəzərə alınmalıdır.  Üçüncü oxunuşdur, bəlkə də, daha bunları düzəltmək mümkün deyil, amma gələcək qanun yaradıcılığı üçün bunu hökmən nəzərə almaq lazımdır.
İkinci bir məsələ var, amma mən bilmirəm, ümumiyyətlə, bu normativ aktlar həmin məsələni əhatə eləyir, yoxsa yox? Çox təəssüf ki, Azərbaycanda rəsmi idarələrlə vətəndaşlar arasında, yaxud idarələrarası yazışmalarda bir sıra normativ ölçülər müəyyənləşdirilməyib. Biz nazirliklərə, idarələrə göndərdiyimiz məktublarda “hörmətli cənab nazir”, “hörmətli cənab komitə sədri” və sair yazırıq. Onlardan isə çox qəribə, standart, şablon cavab alırıq. Nə ad var, nə də familiya. Yazırlar ki, sizin filan vaxt yazdığınız məktuba əsasən filan şey filan oldu. Mən istərdim deyəm ki, mən hörmətli sayılıram, cənab sayılıram, sən niyə mənə məktubu standart şablonlarla göndərirsən? Bu təkcə o nazirliklərin günahı deyil. Bu onun nəticəsidir ki, bizdə bir sıra sahələr üzrə hələ o normativlər bəlli deyil. Rayonlarda da, kəndlərdə də yazışma növləri, vətəndaşa cavab vermək, onun məktubunu dəyərləndirmək və sair belədir. Qanunda bütün bunlar nəzərə alınmayıb, ümumi şəkildədir. Azərbaycan dövlətçiliyinin gələcəyi, vətəndaşa hörmət baxımından mən hesab edirəm ki, bir sıra normativ yazışma növləri də hökmən dəqiqləşdirilməlidir. Bu yazışmaların mahiyyəti də insana hörmət ruhunda olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim cavab verməmişdən öncə bir məsələni sizə demək istəyirəm. İndiyə kimi qarşınızdakı monitorlarda yalnız Konstitusiya qanunu var idi. Ancaq indi mövcud olan bütün qanunvericilik aktları sizin qarşınızdakı monitorlarda var. Bizim millət vəkillərinin işini asanlaşdırmaq üçün bunu eləmişik, istədiyiniz vaxt istifadə edə bilərsiniz. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən prinsipcə razılaşıram ki, hüquqi məsələlərlə, hüququn nəzəriyyəsi ilə bağlı fərqli şəhrlər ola bilər. Çıxışımda da qeyd elədim ki, hələ birinci oxunuşda müxtəlif ədəbiyyatlarda müxtəlif alimlər tərəfindən fərqli təfsir olunan anlayışlar çox ciddi mübahisəyə səbəb oldu və biz ondan imtina elədik. Amma burada səslənən bəzi məsələlərlə bağlı, əslində, yaxşı bir fikir mübadiləsi aparmışıq. Razılaşmasaq da, məncə, tərəflər bir-birinin məntiqi ilə hesablaşmalı idilər.
Mən 42-ci maddədən başlayacağam, çünki burada millət vəkillərinə bir çağırış da oldu ki, nəyə səs verdiklərini bilsinlər. Ona görə bütün millət vəkillərindən xahiş edəcəyəm ki, 42-ci maddəyə diqqətlə baxsınlar. 42-ci maddədə yazılıb ki, müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Əgər yazılsaydı ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırır, onda bizim opponentlərin dediyi fikir idi. Bu, əslində, irəliyə doğru atılan bir addımdır.
Bu gün Milli Məclis qanunvericilik işləri planını tərtib edir. Amma cənab Prezident tərəfindən təqdim olunan qanunlarla bağlı, belə deyək, qanunvericilik subyektinin öncədən məlumatlandırılması proseduru bizə aydın olmurdu. Burada yazılan odur ki, Milli Məclis və Prezident qarşılıqlı razılaşdırılmış formada öncədən ictimaiyyət, parlament və vətəndaşlar üçün  birgə işçi planı təqdim edir. Məgər bu, irəliyə doğru çox ciddi bir addım deyilmi? Yəni hər bir tərəf bunu qarşılıqlı razılaşdırır. Burada heç bir üstünlükdən söhbət getmir və bundan ancaq ictimaiyyət, Azərbaycan cəmiyyəti udur. Bunu Milli Məclis Prezidentlə  razılaşdırır kimi təqdim eləmək doğru deyil. Ona görə xahiş edirəm, diqqətlə fikir verin, baxın ki, burada nə yazılıb. Bunu olduğu kimi təfsir eləmək lazımdır.
Oqtay müəllim, biz bu məsələ ilə bağlı ciddi müzakirə apardıq və mən yenə deyirəm, hüquqi baxımdan fərqli yanaşmaq olar. Amma çox aydın, məntiqli bir məsələni necə fərqli təfsir eləmək olar? Məhz bu müddəaya litvalı ekspertlər də, Venesiya komissiyası da çox müsbət rəy verib. Niyə? Ona görə ki, ictimaiyyət, vətəndaşlarımız, dövlət hakimiyyət orqanları qanunvericilik təşəbbüsü subyektlərinin öncədən nə görəcəkləri ilə bağlı məlumatlandırılmalıdırlar. Bunu da biz edirik və bundan ancaq fayda var.
49-cu maddə ilə bağlı yaranan fikir ayrılığının da səbəbi var. Opponentlərimiz hesab edirlər ki, hüquqi ekspertizaların Prezident Administrasiyasında saxlanması bunun xüsusi olaraq gizlədilməsi ilə bağlıdır. Çox təəssüf ki, bunu Konstitusiyanın digər maddəsi ilə əsaslandırmaq istəyirlər. Bəli, doğrudan da, biz referendumun nəticəsində təklif eləmişik ki, qanunlar əsaslandırılmalıdır. Amma harada yazılıb ki, o qanunların əsaslandırılması hüquqi ekspert rəylərinin parlamentə təqdim olunması formasındadır? Birincisi, heç yazılı  forması da qeyd olunmayıb. Yəni əsaslandırma şifahi formada ola bilər, təqdimatda ola bilər. Ona görə bu iki maddə arasında formal ziddiyyətin tapılması, hesab edirəm, məntiqdən kənardır.
Nəhayət, hörmətli İlyas müəllimin qanunun analogiyası ilə bağlı dediyi məsələyə toxunmaq istəyirəm. Bəli, litvalı ekspertlər də bu barədə bir fikir söyləmişdilər. Amma özləri də etiraf etmişdilər ki, onlar milli qanunvericiliyin bütün xüsusiyyətlərini bilmirlər. Müasir dövrdə hüquqşünas alimlər, ekspertlər tez-tez belə bir fikir səsləndirirlər ki, Azərbaycanın hüquq məkanı üçün qanunvericilikdə “presedent  hüquq” anlayışı  yoxdur. Amma hamımız bilirik ki, Azərbaycan Konstitusiyasının mənası da ondan ibarətdir ki, insan hüquqlarına dair qoşulduğumuz konvensiyalar müəyyən mənada Konstitusiyadan da üstünlük təşkil edir. Bu baxımdan artıq Azərbaycanın hüquq məkanında, presedent hüquq, qanunun analogiyası artıq yer tutub. Belə olmasaydı, Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ Azərbaycanın hüquq sisteminin tərkib hissəsi kimi qəbul olunmazdı. Yenə də deyirəm, bu, sadəcə, fərqli hüquqi yanaşmalardır. Amma burada Konstitusiyaya və beynəlxalq konvensiyaya zidd heç bir məqam yoxdur.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, köhnə adətindən əl çək, xahiş edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əyləş yerində. Sualını verdin, cavabını da aldın. Səsvermədə fikrini bildirərsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əyləş yerində, xahiş edirəm. Sonra deyəcəksən ki, məni nəyə görə sözdən məhrum elədin? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr                     (saat 12.25 dəq.)
Lehinə                                                                   101
Əleyhinə                                                                   6
Bitərəf                                                                      0
Səs verməd                                                              0   
İştirak edir                                                              107  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 2-ci bəndinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir.
Məlumat üçün bildirək ki, qanun layihəsi İqtisadi siyasət və Aqrar siyasət komitələrinin birgə iclasında geniş, ətraflı müzakirə edilmişdir. Mən millət vəkilləri Vahid Əhmədova, Əli Məsimliyə, Nazim Məmmədova, Xanhüseyn Kazımlıya və komitə sədri Eldar İbrahimova dərin təşəkkürümü bildirirəm ki, işgüzar şəraitdə keçən müzakirə zamanı qanun layihəsinin çox düzgün və vaxtında olması barədə fikirlər səsləndirdilər. Eyni zamanda, bildirmək istəyirəm ki, Hesablama Palatası qısa zaman kəsiyində çox ətraflı, məzmunlu bir rəy hazırlamışdır ki, həmin rəydə də büdcədə edilən dəyişikliklərin obyektiv səbəbləri və nəticələri öz əksini tapmışdır.
Millət vəkilləri 2010-cu ilin büdcəsinin hazırlanmasında hökumətin, Maliyyə Nazirliyi və digər qurumların ehtiyatlı və mühafizəkar yanaşmasını qeyd etdilər. Bu da onunla izah olunurdu ki, dünyada baş verən iqtisadi böhran getdikcə dərinləşir və Azərbaycanla iqtisadi əlaqədə olan ölkələrin də iqtisadiyyatına ciddi təsir edir ki, bu da Azərbaycana bu və ya digər dərəcədə öz təsirini göstərir. Ən başlıca səbəblərdən biri ondan ibarət idi ki, dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdə davam edirdi. Ona görə də hökumət haqlı olaraq 2010-cu ilin büdcəsində neftin orta qiymətini 45 dollar müəyyən etmişdir. Bu məsələ çoxlu mübahisələrə səbəb olsa da, risklərdən qorunmaq üçün vaxtında edilmiş bir düzəliş idi. Dünya bazarında neftin orta qiyməti son aylarda artmağa meyil edir. Artıq dünya bazarında neftin orta qiyməti 75,5 dollardır və belə bir şəraitdə ölkəyə neftin satışından daxil olan gəlirlərin artması özünü göstərmişdir. Hesablamalar göstərir ki, 4 ayın nəticələri müsbətdir, 75,5-dir. Ümumiyyətlə, analitiklərin hesablamalarına görə ilin axırına qədər dünya bazarında neftin qiyməti 65–70 dollar arasında  hərəkət edəcəkdir.
4 ayın sosial-iqtisadi yekunları barədə mətbuatda kifayət qədər məlumat öz əksini tapmışdır. Cənab Prezident də Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə bu barədə kifayət qədər ətraflı məlumat vermişdir. Həqiqətən, 4 ayın nəticələri Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur. Əgər ayrı-ayrı ölkələrin müqayisəli materiallarını götürsək, Azərbaycanda 4 ay ərzində iqtisadi inkişaf sahəsində dinamik meyillər özünü göstərməkdə davam etmişdir. Ümumi daxili məhsulun, əhalinin banklarda olan əmanətlərinin, pul gəlirlərinin artması, qeyri-neft sektorunun inkişafında dinamik meyillər 2010-cu ildə büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsindən xəbər verir.
Elə 4 ayın nəticələrinə görə vergi daxilolmaları üzrə proqnoz, tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmişdir. Mən bu rəqəmlərlə vaxtınızı almaq istəmirəm, hörmətli maliyyə naziri bu barədə kifayət qədər ətraflı məlumat verəcəkdir. Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 milyard manat təşkil etmişdir. Cari ilin 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 5 faiz, adambaşına düşən ümumi daxili məhsul isə 3,8 faiz artmışdır. Digər gəlirlər üzrə daxilolmalar da 2,2 dəfə artmışdır.
2010-cu ilin dövlət büdcəsinə edilmiş dəyişikliklərdə büdcənin mədaxil hissəsinin 1,5 milyard manat artırılması nəzərdə tutulmuşdur. Yeni proqnoz göstəricilərində  gəlirlərin artımının 1 milyard manatı Dövlət Neft Fondunun üzərinə düşürsə, 490 milyon manatı Vergilər Nazirliyinin xətti ilə təmin olunacaqdır. Gəlirlərin belə artımı şəraitində ölkə üçün vacib olan xərclərin də artırılması məqsədəuyğun sayılır.
Millət vəkilləri komitənin iclasında birmənalı şəkildə bildirdilər ki, hökumətin, Azərbaycan Respublikası Prezidentinin ölkədə baş verən təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılması ilə əlaqədar gördüyü tədbirlər diqqətəlayiqdir. Siz bilirsiniz ki, dünyanın hər bir yerində təbii fəlakətlər baş alıb gedir. Azərbaycanda da bu fəlakətlər özünü göstərmişdir. Dövlət komissiyasının yaradılması və görülmüş tədbirlər nəticəsində təbii fəlakət nəticəsində dəyən zərərin miqyası xeyli azaldılmışdır. Bununla bərabər, hazırda təbii fəlakətdən zərər çəkmiş rayonlarda dövlət komissiyasının, hökumətin xətti ilə konkret tədbirlər həyata keçirilir ki, bunların da maliyyələşdirilməsi üçün,  təbii ki, vəsait lazımdır. Bu vəsaitlərin hələlik həcmi 300 milyon manat məbləğində müəyyən edilmişdir. Mən razılıq hissi ilə bildirirəm ki, Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısının müəyyən etdiyi konkret tədbirlər rayonlarda uğurla həyata keçirilib. Problemlər var. Amma digər ölkələrlə müqayisə etsək, Azərbaycan heç bir ölkəyə müraciət etmədən təbii fəlakətlərin mənfi nəticələrini aradan qaldırmaq üçün öz imkanlarına arxalanır. Bu da bir daha Azərbaycan dövlətinin dayanıqlı, gündən-günə güclənən iqtisadi qüdrətindən, maliyyə gücünün artmasından xəbər verir.
Vəsaitlərin bir hissəsi isə ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə sərf ediləcəkdir. Biz bir daha vurğulamaq istəyirik ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkənin müdafiə qabiliyyəti möhkəmlənməlidir. Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin başçısının apardığı səylər, heç şübhəsiz ki, Qarabağ probleminin həllində pozitiv meyillərin güclənməsinə öz müsbət təsirini göstərir, amma, eyni zamanda, biz ölkənin müdafiə qabiliyyətini artırmalıyıq ki, hər hansı bir anda Azərbaycan torpaqlarının azad edilməsi üçün istifadə edilsin.
Büdcə artımının müəyyən hissəsi isə səhiyyə, elm, təhsil və digər vacib sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Bütövlükdə edilən  dəyişikliklər 2010-cu ilin büdcə parametrlərinin, büdcəni xarakterizə edən əsas  göstəricilərin yaxşılaşmasına öz müsbət təsirini göstərir. Mən təkcə onu deyə bilərəm ki, bu dəyişikliklərlə büdcə kəsiri 2,3 faiz olacaqdır. Halbuki dünyanın bir sıra ölkələrində, xüsusilə Avropa ölkələrində mübarizə gedir ki, büdcə kəsirlərini 12 faizdən 8-ə, 7-yə, 6-ya salsınlar. Hələlik isə bu imkan, bu nəticələr əldə  olunmur.
Bütövlükdə 2010-cu ilin büdcəsində edilən dəyişikliklər Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafına, nəzərdə tutulmuş strateji proqramların uğurlu həllinə, eyni zamanda, Azərbaycanın özünün sosial-iqtisadi, keyfiyyət göstəricilərinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən komitələrimiz adından millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Fövqəladə hallar şəraitində bu işlərin uğurla həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin daha tez zamanda ayrılmasına ciddi ehtiyac var. Ona görə millət vəkillərindən bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli Samir müəllim, hesab edirəm ki, Hesablama Palatasının rəyi bizim millət vəkillərində var. Ona görə çox xahiş edirəm, Siz də qısa şəkildə fikirlərinizi söyləyərdiniz. Mən demək  istəyirəm ki,  büdcəyə edilən dəyişiklikləri biz axıra kimi yerinə yetirə bilsək, bu, müstəqil Azərbaycanın tarixində ən yüksək büdcə olacaq. Ona görə xahiş edirəm, bunu nəzərə alasınız. Buyurun, Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə müvafiq olaraq, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artırılması, habelə dövlət büdcəsi kəsirinin azaldılması nəzərdə tutulur.
Dövlət büdcəsi xərclərinin artırılmasına bir sıra amillər, ilk növbədə Kür, Araz və digər çayların daşması nəticəsində  ölkə ərazisində baş verən irimiqyaslı təbii fəlakətin, habelə bu fəlakətin törətdiyi mənfi fəsadların, iqtisadiyyatın müxtəlif sahələrinə, əhaliyə vurduğu ziyanın nəticələrinin aradan qaldırılması, eyni zamanda, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin daha da gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər rəvac vermişdir. Digər tərəfdən, elm, səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə və kommunal sahələrdə də bir sıra təxirəsalınmaz məsələlərin həlli, habelə bəzi infrastruktur yönümlü investisiya layihələrinin həyata keçirilməsi və başa çatdırılması da xərclərin artımını şərtləndirir.
Yuxarıda qeyd olunan xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2010-cu il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Gəlirlərin artımına, eyni zamanda, dünya bazarlarındakı mövcud müsbət konyunktura münbit şərait yaradır. Belə ki, 2010-cu il dövlət və icmal büdcələri hazırlanarkən hesablamalarda istifadə olunan neftin bir barelinin qiyməti 45 ABŞ dolları səviyyəsində götürülmüşdür. 2010-cu il üçün neft sektoru üzrə hasilat proqnozları eyni səviyyədə qalmaqla neftin bir barel üzrə qiymətinin 60 ABŞ dollarına çatdırılması 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verəcəkdir.
Dünyadakı maliyyə-iqtisadi böhranın tam səngimədiyini nəzərə alaraq, hökumət yenə də neftin dünya bazarlarında orta satış qiymətinə mühafizəkar yanaşma nümayiş etdirmiş və onun 1 barelinin satış qiymətinin 60 dollar səviyyəsində götürülməsini qərarlaşdırmışdır. Qeyd etmək istərdim ki, əksər dünya analitikləri 2010-cu il üçün neftin orta illik qiymətinin 65–70 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırırlar. Neftin bugünkü qiyməti isə 77 ABŞ dolları təşkil edir. Yəni söhbət Brent və “Azərilayt” neftlərindən gedir. Dövlət büdcəsinin gəlirləri üzrə yaranmış əlavə gəlirlərin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin dövlət büdcəsinin xərclərinə yönəldilməsi hesabına dövlət büdcəsinə əlavə olaraq 50 milyon manat əlavə dəyər vergisi şəklində gəlirin də daxil olacağı proqnozlaşdırılır.
Yuxarıda sadalanan müsbət iqtisadi göstəricilərlə yanaşı, cari ilin ötən 5 ayı ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, real vergi bazası, dövlət və icmal büdcələrinin gəlir proqnozlarının yenidən hesablamaları ilin sonuna kimi dövlət və icmal büdcələrinin gəlirləri üzrə təsdiq olunmuş xərcdən artıq vəsaitin daxil olacağına bir daha zəmin yaradır.
Burada hörmətli Ziyad müəllim tərəfindən müəyyən statistik məlumatlar verildi, mən onları təkrarlamaq istəməzdim. Təkcə onu qeyd etmək istərdim ki, dövlət büdcəsinin mədaxili üzrə yaranmış əlavə gəlirlər hesabına vergi orqanlarının xətti ilə cari ilin 5 ayında proqnozdan 133,5 milyon manat, o cümlədən neft sektoru üzrə 124 milyon manat çox vəsait daxil olmuşdur. Bu dövr ərzində dünya bazarlarında neftin orta qiyməti 75,7 ABŞ dolları ətrafında cərəyan etmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının valyuta ehtiyatlarının, – söhbət məcmu valyuta ehtiyatlarından gedir, – davamlı artımı təmin edilmiş və 2010-cu ilin əvvəli ilə müqayisədə 3 milyard ABŞ dolları artmışdır. Yəni hazırda valyuta ehtiyatlarının həcmi artıq 23 milyard ABŞ dollarını üstələmişdir.
Hörmətli millət vəkilləri, təqdim olunmuş qanun layihəsində 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 milyard 490 milyon manat artırılaraq, 11 milyard 505 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 14,9 faiz çoxdur. Dövlət büdcəsi gəlirlərinin ilin sonuna gözlənilən ümumi daxili məhsulun tərkibindəki xüsusi çəkisi 34,8 faizə çatmaqla təsdiq olunmuş göstəriciyə nisbətən 3,4 faiz, 2009-cu ilin icrasına nisbətən 5 faiz artacaqdır.
2010-cu il dövlət büdcəsi gəlirlərinin iki istiqamət üzrə artırılması nəzərdə tutulur: Vergilər Nazirliyi xətti ilə toplanan gəlirlər hesabına 490 milyon manat, Dövlət Neft Fondunun dövlət büdcəsinə əlavə veriləcək transfert hesabına 1 milyard manat. Artımlardan sonra Vergilər Nazirliyi vasitəsilə dövlət büdcəsinə yığılan gəlirlər 4 milyard 470 milyon manat təşkil etməklə 2010-cu ilin təsdiq olunmuş büdcəsinə nisbətən 12,3 faiz, 2009-cu ilin faktiki göstəriciləri ilə müqayisədə isə 357 milyon manat və 8,7 faiz çox olacaqdır. Vergilər Nazirliyi xətti ilə yığılan vergilər üzrə tətbiq edilən artımın 65,3 faizi və 320 milyon manatı hüquqi şəxslərin mənfəət vergisinin, 10,2 faizi və ya 50 milyon manatı əlavə dəyər vergisinin, 24,5 faizi və ya 120 milyon manatı sair daxilolmaların, yəni Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərq üzrə əlavə daxilolmaların payına düşür. Bir sıra vergi ödəyicilərinin şəhər və rayon ərazi vergi orqanlarının uçotundan çıxarılaraq mərkəzləşdirilmiş qaydada vergi ödəmələri hesabına şəhər və rayonlar üzrə yerli gəlirlərin 31 milyon manat azaldılması, müvafiq olaraq həmin məbləğ qədər dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin artırılması proqnozlaşdırılıb.
Qanun layihəsində 2010-cu il dövlət büdcəsi xərclərinin 1 milyard 11 milyon manat artırılaraq 12 milyard 275 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş müvafiq göstəricisinə nisbətən 9 faiz, 2009-cu ilin faktiki icrasına nisbətən isə 1 milyard 706 milyon manat və ya 16,1 faiz çoxdur. İlin sonuna gözlənilən ümumi daxili məhsulun tərkibində dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 34,4 faizə çatmaqla 2010-cu il üçün təsdiq olunmuş göstəricilərə nisbətən 3,4 faiz artacaqdır.
Funksional təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin artımı aşağıdakı xərc bölmələrində öz əksini tapmışdır. Əsas bölmələrə aid edilməyən xidmətlər xərcləri bölməsinə əlavə olaraq 303 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitin 99 faizi və ya 300 milyon manatı Kür–Araz və digər çayların daşması nəticəsində ölkə ərazisində baş verən irimiqyaslı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldiləcəkdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət verilir. Təbii fəlakətdən əziyyət çəkmiş insanların problemlərinin təcili həlli ilə əlaqədar ölkə Prezidenti müvafiq sərəncam imzalamışdır. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün, sözsüz ki, əlavə vəsaitə ehtiyac vardır. Bu məqsədlə qeyd etdiyim kimi, 300 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Digər vacib məsələ ölkənin müdafiə potensialının artırılması xərcləridir. Bu xərclərə 400 milyon manat vəsaitin əlavə edilməsi nəzərdə tutulur. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən xarici siyasətin məntiqi davamı olaraq və eyni zamanda, geosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycanın müdafiə potensialının daha da gücləndirilməsinə ehtiyac yaranmışdır. Bu məqsədlərə, qeyd etdiyim kimi, 400 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat sahələri və yol infrastrukturları üzrə bir sıra investisiya layihələrinin başa çatdırılmasına 76,6 milyon manat vəsait ayrılacaqdır. Naxçıvan Muxtar Respublikasında bir sıra infrastruktur layihələrinin maliyyə təminatının yaradılması üçün əlavə olaraq 17 milyon manat vəsait yönəldiləcəkdir.
Bir sıra yol infrastrukturları üzrə layihələrin başa çatdırılmasına, Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında mövcud olan problemlərinin həllinə və tarixi əhəmiyyətli binaların əsaslı təmiri və bərpasına, bir sıra rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yaradılması tədbirlərinə 124,9 milyon manat vəsait yönəldiləcəkdir. Bunların məntiqi nəticəsi olaraq sənaye, tikinti, faydalı qazıntılar xərcləri bölməsinə aid olan dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə olaraq 608,5 milyon manat vəsait nəzərdə tutulur.
Əhalinin sağlamlığının qorunması üçün mühüm əhəmiyyət kəsb edən Şəkərli diabet, Hemofiliya və talassemiya irsi qan xəstəlikləri, Xroniki böyrək çatışmazlıqları, Yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə dövlət proqramlarının maliyyə təminatı ilə bağlı əlavə xərclər 10,5 milyon manat təşkil edəcək.
Maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı elm xərclərinə, əsasən, elm ocaqlarımıza maddi-texniki yardımın göstərilməsinə 3 milyon manat vəsait yönəldiləcəkdir. Ölkəmizin beynəlxalq fəaliyyəti ilə bağlı xərclərə 10,5 milyon manat vəsait yönəldiləcəkdir.
Dövlət büdcəsinin yerli gəlir və xərclərini tənzimləmək üçün qeyd etdiyim kimi, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin məbləği 31 milyon manat və ya 4,2 faiz artırılacaq. Təklif olunan əlavə gəlirlər hesabına 2010-cu il dövlət büdcəsinin kəsiri 770 milyon manatadək və ya nəzərdə tutulmuş, əvvəlcədən təsdiq olunmuş 1 milyard 249 milyon manatdan 477 milyon manat azaldılacaqdır. Nəticədə dövlət büdcəsinin kəsiri ilin sonunda gözlənilən ümumi daxili məhsulun 2,3 faizini təşkil edəcəkdir ki, bu da 2010-cu ilin təsdiq olunmuş büdcə kəsirinə nisbətən 1,6 faiz azdır.
Hörmətli millət vəkilləri, təqdim olunmuş qanun layihəsində 2010-cu il icmal büdcəsinin gəlirlərinin 3 milyard 194 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 26,9 faiz artırılması nəzərdə tutulur. Artımın 2 milyard 700 milyon manatını və ya 84,5 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 490 milyon manatını və ya 15,4 faizini dövlət büdcəsinin gəlirləri, 3,5 milyon manatını və ya 0,1 faizini Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri təşkil edəcəkdir. İcmal büdcənin xərcləri təsdiq olunmuş büdcəyə nisbətən 13,6 faiz, yaxud 1 milyard 715 milyon manat artaraq 14 milyard 351 milyon manat, onun profisiti isə 727,8 milyon manat səviyyəsinə qalxacaqdır. Dövlət Neft Fondunun 1 milyard manat əlavə xərcini dövlət büdcəsinə verilən transfert təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasının büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiyasının məbləği 2,7 milyon manat artırılacaqdır.
Hörmətli millət vəkilləri, 2010-cu il üçün təsdiq olunmuş dövlət və icmal büdcələrinə edilən dəyişikliklərin əsas parametrlərini diqqətinizə çatdırdım. Eyni zamanda, İqtisadi siyasət komitəsinin sədri hörmətli Ziyad Səmədzadə tərəfindən də ətraflı məlumat verildi. Dəyişikliklər hesabına yaranacaq əlavə gəlirlər ölkəmizdə təxirə salınmadan həyata keçirilməli olan dövlət əhəmiyyətli tədbirlər üçün real və dayanıqlı maliyyə təminatını yaradacaqdır. Sizə təqdim olunan qanun layihəsinə müvafiq izahat,  2010-cu ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu və dövlət zəmanəti ilə bağlı digər öhdəliklərinə dair məlumat, 2010-cu ilin 4 ayı üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair operativ məlumat, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi gəlirlərinin badcə gəlirləri təsnifatının paraqrafları səviyyəsində  layihə, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi xərclərinin büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində layihə, Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsi xərclərinin xərclərin  funksional və iqtisadi təsnifatına uyğun olaraq paraqrafları səviyyəsində layihə də əlavə edilmişdir. Hörmətli millət vəkilləri, ümidvaram ki, siz təqdim olunmuş təklifləri bəyənib onların qəbul olunmasına səs verəcəksiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm və diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Xahiş edirəm, əyləşin. Buyurun, müzakirəyə yazılın. Zahid Oruc.
Z.Orucov. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən elə hesab edirəm ki, Azərbaycan parlamentinin belə bir mühüm dövrdə büdcəyə yenidən baxması və ora əlavələr etməsi çox mühüm iqtisadi, həm də siyasi hadisədir. Çünki etiraf etmək gərəkdir ki, dünya ölkələrində bu son iki ildə yaşanan maliyyə böhranı ümummənəvi mühitə də, ictimai mühitə də çox ciddi təsir edir. Azərbaycan rəsmi səviyyədə etiraf edibdir ki, bu böhran bizim ölkədən də yan keçməyibdir. Rəsmi rəqəmlərlə bunu demək mənim üçün çətindir, amma qeyri-rəsmi fikirlərə görə, bu, 5–6 milyard dollara qədər vəsait deməkdir. Yəni itkilər ümumilikdə bu rəqəm civarındadır. Belə olan təqdirdə, heç şübhəsiz ki, bu, Azərbaycanda tikinti bumuna da, iqtisadi təsərrüfat fəaliyyətinə də, insanların gerçək, fərdi həyatına da, təsərrüfatına da təsir edibdir. Bu mənada bu dəyişikliklər, heç şübhəsiz ki, hökumətin məhz dediyimiz istiqamət üzrə proseslərə müsbət bir stimul vermək üçün atdığı addımdır.
İkinci, nə qədər inkar olunsa da, mən bəri başdan bu mövzudan bəhs etmək istəyirəm. Şübhə yoxdur ki, seçki ilində bütün rəqib qüvvələr iqtisadi, sosial amilləri daha çox qabardırlar. Baxmayaraq ki, bizim siyasi sistemdə sağçı qüvvələr daha çox görünür, amma seçki məhz sol şüarlar üzərindən keçir. Sol ideyalar daha çox özünü göstərir. Hamı vətəndaşın torbasını başı üzərində bayraq edir və büdcəni, Azərbaycan hakimiyyətinin ulu öndərdən başlayan bu böyük iqtisadi yüksəliş rəqəmlərini sağa, sola bölüşdürməklə məşğul olur. Gah əmək haqlarını bir neçə dəfə qaldırmaqla mövqelərini göstərirlər, gah keçmiş əmanətlər üzərində möhtəkirlik edirlər, gah da qeyri-rəsmi dövriyyədən müəyyən rəqəmləri çıxarırlar və bunu büdcənin üzərinə gəlib bəyanatlar verirlər. Düşünürəm ki, Azərbaycanın hazırkı dönəmində büdcəmizdəki vəsaitləri məhz bu dövlət rəhbərliyinin yürütdüyü siyasət sayəsində əldə etmişik.  Çox önəmlidir ki, bu siyasət də proqramlı qaydada reallaşdırılmaqdadır.
Bu büdcəyə əlavə olunan vəsaitlər sırasında yenə də ordu xərclərinin xüsusi bir çəkiyə malik olması bir daha onun  göstəricisidir ki, Azərbaycanın dövlət başçısı bir daha dünya ölkələrinə əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan müharibə amilinə əl atmaq məcburiyyətində qalacaqdır mesajını verir. Etiraf etmək lazımdır ki, Ermənistan sürətlə silahlanmanı davam etdirir və buna görə Azərbaycan özünün müdafiə və döyüş qabiliyyətinin gücləndirilməsi üçün ordu sferasına yönəldilən vəsaitləri artırmaq məcburiyyətindədir. Əlbəttə ki, bu rəqəmlər dünyanın ayrı-ayrı dairələrinin, hətta antiazərbaycan qüvvələrinin söylədiyi kimi heç bir halda militaristləşdirmə siyasəti və ümumi daxili məhsula nisbətdə o bəlli rəqəmin keçməsi deyil. Heç ona yaxınlaşmır da. Ona görə də mən elə hesab edirəm ki, orduya yönəldilən vəsaitlərin bu dərəcədə üstün bir çəkiyə malik olması təqdirəlayiq hadisədir. Ən azı nəzərə almaq lazımdır ki, Azərbaycan ordusunda 10 minlərcə insan çalışır. Bunların özünəməxsus sosial, mənzil şəraiti və sair kimi problemləri var. Eyni zamanda, Azərbaycan ordusunun maddi-texniki bazasını gücləndirmək üçün texnoloji resursların, texnikanın alınması və yaxud da istehsalı bu gün də öndədir.
İkinci, heç şübhəsiz ki, bu sel fəlakəti Azərbaycanın iqtisadi həyatına çox ciddi zərbə vurdu. Bu vəsaitləri bu gün ölkənin digər iqtisadi sektoruna qoymaqla daha ciddi nəticələr ala bilərdik. Amma nə etmək olar ki, bundan heç bir ölkə sığorta olunmayıb. Düzdür, bunun ətrafında son bir ayda çox çeşidli siyasi alver baş verdi. Hətta sel fəlakətini başqa bir mənfi amillərlə eyniləşdirdilər. Mən çıxışları xatırlayıram. Amma belə demək mümkündürsə, may ayı onların hakimiyyət uğrunda mübarizə ideologiyasının aşıb-daşan dövrü idi. Mən hesab edirəm ki, əslində, o sektora yönəldilən vəsaitlər çox da böyük deyildi. Məhz dövlətin proqramlı qaydada gələcək proseslərə hazırlığını təmin etmək üçün bu vəsaitlər ilk addım idi. Mən də belə düşünürəm ki, Kür–Araz boyunca baş verənlər problemlərin hamısı deyil, Azərbaycanın digər ərazilərində də iritutumlu çaylar var. Ümidvaram ki, bunun fəsadlarından qorunmaq üçün gələcək dövrdə hökumət tərəfindən ciddi tədbirlər həyata keçiriləcəkdir.
Mən bir də daha çox onu vurğulamaq istəyirəm ki, 2010 və 2011-ci illərdə Qarabağ əlillərinin, şəhid ailələrinin mənzillə təminatı üçün dövlət başçısı tərəfindən çox mühüm tapşırıq olub və onlar indiki dəyişiklikdən nəticə gözləyirlər. Bildiyim qədər 4900-dən artıq Qarabağ əlilinin mənzillə təmin olunması məsələsi nazirlik qarşısında qoyulubdur və mən çox arzulayıram ki, indiki dəyişikliklərdə bu da baş versin.
Mən əmək haqları və pensiyaların qarşıdakı dövrdə artırılacağını düşünürəm, çünki bununla bağlı büdcədə imkanlar var. Elə hesab edirəm ki, zəruri yaşayış xərclərinin müəyyən bir səviyyədə artdığını inkar edə bilmərik. Bir daha vurğulamaq istəyirəm ki, əlbəttə, iqtisadi təsərrüfat həyatı dəyişdikcə narazı insanlar da olacaq. Kiminsə mülkiyyətinin yeri dəyişdiriləndə narazılıq yaranacaq, başqa səbəblərdən də problemlər meydana çıxacaq. Azərbaycan hakimiyyəti də belə bir iddiada deyil ki, bütün xalqın, yəni 99,9 faizin iradəsini, mənafelərini öz ətrafında cəmləşdirsin. Narazı insanlar da olacaq, amma maksimal qaydada o problemlərin həlli üçün ən ciddi işlər həyata keçirilməkdədir.
Cənab Sədr, biz birbaşa büdcə məsələsinə baxırıq. Amma hökumət təmsilçilərinin burada olmalarından istifadə edərək nəqliyyat yollarının ətrafında, o cümlədən dəmiryol zolağı kənarında qeyri-qanuni salınmış evlərin sökülməsi məsələsini bir daha gündəmə gətirmək istəyirəm. Düşünürəm ki, bu çox böyük bir məsələdir. Əgər Azərbaycanda hakimiyyət və müxalifət arasında belə bir müqavilə olsa idi ki, bunlar bundan öz maraqları üçün istifadə etməyəcəklər və özləri də etiraf edirlər ki, bunların böyük əksəriyyəti qeyri-qanuni salınıbdır. Ən adi normativlərə belə tab gətirmir, adicə hərəkət zamanı onların həyatları təhlükə qarşısında qalır. Onun üçün də hökumət böyük yük qarşısındadır. Bəlkə hakimiyyət yüz illər ərzində formalaşmış bu qeyri-qanuni vəziyyətin həllini düşünür. Amma mən seçkilərə doğru getdiyimiz bir dövrdə, dediyim kimi, xüsusilə də bütün antihakimiyyət qüvvələrinin hər bir prosesi seçki indeksində qəbul etdiyi bir zamanda bu prosesə gedilməsinin əleyhinəyəm. Ona görə çox xahiş edirəm ki, hökumət rəsmiləri bu məsələ ətrafında daha ölçülü-biçili qərar versinlər. O ailələrin yanında dayanıb fotolar çəkdirən və guya xalqın qayğısına qalırmış kimi özünü göstərən qüvvələrin əlinə arqument verilməsini istəmirəm. Mən bu dəyişikliyi qiymətləndirirəm və düşünürəm ki, bu, Azərbaycan xalqının mənafelərinə xidmət edir. Ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çıxış üçün 35 nəfər yazılıb. Yəni bu o deməkdir ki, biz bütün günü bu məsələni müzakirə etməliyik. Biz yeni büdcə qəbul etmirik, büdcəyə əlavələr qəbul edirik. Xahiş edirəm, 5 dəqiqəyə keçək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, biz sənə hörmətlə yanaşırıq, sözlərinə dözürük, amma mikrofon sənə dözmədi. Görürsən, səndən küsdü. Yenə yerindən danışırsan. Təklif elədilər ki, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hesab edirəm ki, indi təqdim olunan qanun layihəsi haqqında yığcam şəkildə nəinki 5 dəqiqə, hətta 3 dəqiqə də danışıb fikir ifadə etmək mümkündür. Burada hörmətli maliyyə naziri, eyni zamanda, komitə sədri çıxış etdilər, qanun layihəsi barədə fikirlərini ətraflı şəkildə bildirdilər, rəqəmlər səsləndirdilər. Bunları, əlbəttə, təkrar etməyə ehtiyac yoxdur. Büdcə iqtisadiyyatın güzgüsüdür və hər bir ölkədə iqtisadi inkişafın göstəriciləri büdcədə rəqəmlər şəklində öz əksini tapır.
Azərbaycan Respublikasının büdcəsində əldə edilmiş bu uğurlar, təbii ki, ölkə başçısı, dövlətimizin rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Azərbaycanda düzgün pul-kredit siyasətinin, vergi siyasətinin həyata keçirilməsi uğurların əldə edilməsinə gətirib çıxarmışdır. Eyni zamanda, həyat göstərdi ki, Azərbaycanın dövlət büdcəsi heç də neftin qiymətindən asılı deyil, neftin qiymətinin qalxması, enməsi Azərbaycan büdcəsinə və iqtisadiyyatına həlledici təsir göstərmir. Çünki Azərbaycanda həyata keçirilən siyasət nəticəsində qeyri-neft bölməsinin inkişafı nəticə etibarilə vergi daxilolmaları üçün əlverişli şərait yaratmışdır.
Burada bir rəqəmi diqqətə çatdırmaq istəyirəm. Azərbaycanın 2010-cu il dövlət büdcəsində büdcə kəsiri daxili məhsulun 2,3 faizi civarında proqnozlaşdırılır. Bu rəqəmin özü Azərbaycan büdcəsinin və iqtisadiyyatının nə qədər yüksək səviyyədə olduğunu göstərir. Ətraf ölkələrə diqqət yetirsək, biz həmin ölkələrdə borcların artdığını, hətta borcun ümumi daxili məhsul həcmində olduğunu görə bilərik. Bu rəqəmin özü göstərir ki, Azərbaycanda düzgün iqtisadi siyasət həyata keçirilib və bu iqtisadi siyasətin sayəsindədir ki, Azərbaycanın dövlət büdcəsinin kəsiri minimum səviyyədədir.
Eyni zamanda, büdcəyə bizim edəcəyimiz növbəti əlavə və dəyişikliklərdən sonra daxil olacaq vəsaitin bölüşdürülməsi zamanı da sosial proqramların qorunub saxlanması istiqamətində ciddi addımlar atılıbdır. İnfrastruktur layihələri öz yerində saxlanılıb. Burada büdcəyə daxil olan əlavə vəsaitin iki mühüm istiqamət üzrə sərf olunması nəzərdə tutulur ki, bu da təqdirəlayiqdir. Bunlardan biri müdafiə xərclərinin artırılmasıdır. Bunu hamı, təbii ki, müdafiə edir və müdafiə etməlidir. Eyni zamanda, təbii fəlakət nəticəsində yaranmış situasiyaya uyğun olaraq vəsaitin sərf olunmasıdır ki, bunun da zəruri olduğu hamı tərəfindən anlaşılandır.
Təqdim olunan layihədə neftin qiymətinə edilən güzəşt də məntiqidir. Çünki həm ekspertlərin rəyləri, həm də neft bazarında yaranmış vəziyyət göstərdi ki, neftin qiymətində kəskin enmə və qalxma olmayacaqdır, neftin qiymətinin 65–70 dollar civarında olacağı proqnozları da tamamilə məntiqə uyğundur və gözləniləndir. Hətta deyərdim ki, ola bilsin, neftin qiyməti bundan da yüksək səviyyəyə qalxsın, çünki geosiyasi məkanda baş verən dəyişmələr, o cümlədən neft ixrac edən ölkələrlə bağlı bəzi hadisələrin gözlənilməsi neftin qiymətinin daha yüksək səviyyəyə qalxacağını söyləməyə əsas verir. Əlbəttə, bu, nəzəri bir məsələdir. Praktik olaraq neftin qiymətinin kəskin surətdə aşağı enməyəcəyi gözlənilir. Deməli, büdcədə neftin qiymətinin göstərilən 45 dollardan yuxarı rəqəm səviyyəsində qəbul edilməsi əlavə daxilolmalar üçün imkan yaradacaqdır.
Bütövlükdə götürdükdə, 2010-cu ilin dövlət büdcəsi haqqında qanunda edilən dəyişikliklər “Büdcə sistemi haqqında” Qanuna, eyni zamanda, büdcə ilə əlaqədar qəbul etdiyimiz digər qanunlara uyğundur və bu büdcənin göstərilən dəyişikliklərlə qəbul edilməsi həm ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, həm də əhalinin sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Hesab edirəm ki, təqdimatda irəli sürülən müddəalar müdafiə olunmalıdır. Mən bu qanun layihəsini müdafiə edir və millət vəkillərini həmin qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Bahar xanım. 2010-cu ilin büdcəsinə edilən  düzəlişləri müsbət qiymətləndirirəm. Gəlirlər 1,5 milyard manat və yaxud 15 faiz, xərclər 1 milyard manat  ətrafında, yaxud 9 faiz artırılacaq.
Mən bir müqayisə etmək istəyirəm. Başqa ölkələrdə də əlavə vəsaitin bölgüsü prosesi gedir. Məsələn, Rusiyanın maliyyə naziri hesab edir ki, əlavə vəsait büdcənin kəsirinin örtülməsinə yönəldilməlidir. Amma Azərbaycanın maliyyə naziri, mənim fikrimcə, optimal seçim edib. 1,5 milyard manat əlavə vəsaitin 32 faizi, yaxud 479 milyon manatı bilavasitə büdcənin kəsirinin örtülməsinə, 68 faizi, yəni 1 milyard manatı isə xərclərin artırılmasına yönəldilib. Bu da çox vacibdir.
Son 30  ildə ən yüksək hava hərarəti bu il müşahidə olunur. Bütün dünyada daşqınlar var. Azərbaycanda da daşqınların miqyası artıb, coğrafiyası genişlənib. Ona görə də bilavasitə daşqının nəticələrinin, vurduğu ziyanın aradan qaldırılması, insanlara kompensasiyanın verilməsi üçün bu büdcədə əlavə vəsaitin nəzərdə tutulmasını vacib hesab edirəm. Bu problemlərin həllini sürətləndirməkdən ötrü büdcədə təkcə 2010-cu ildə yox, növbəti illərdə də müvafiq vəsait nəzərdə tutulmalı və xüsusi proqram hazırlanıb həyata keçirilməlidir.
Artıq Azərbaycanda büdcə vəsaitindən səmərəli istifadə dövrü başlayıb. Ona görə bir sıra təkliflərimi verməyi də vacib hesab edirəm. Birinci təklif ondan ibarətdir ki,  büdcə strategiyası hazırlanmalı, burada büdcə gəlirlərinin artırılması, büdcəyə olan borcların artmasının qarşısının alınması, sonra isə onun azaldılması, eyni zamanda, büdcə vəsaitindən səmərəli istifadə edilməsinin əsas istiqamətləri öz əksini tapmalıdır.
İkinci, 9 iri dövlət vergi ödəyicisindən əslində yalnız biri iri vergi ödəyicisidir, 8-i simvolik xarakter daşıyır. Ona görə dövlət mülkiyyətinin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində addımların  atılmasını vacib hesab edirəm.
Büdcə ölçüsüz bir anlayış deyil. Hər şeyi büdcənin üzərinə atma strategiyasından uzaqlaşmaq, büdcənin üzərinə düşən ağırlığın bir hissəsini kreditlərin üzərinə keçirmək lazımdır. Yəni prioritetlər elan olunmalıdır. Bu prioritetlərdən ikisini mən deyirəm – kənd təsərrüfatı, onunla bağlı sahələr, bir də elmi-texniki tərəqqinin daha  çox tətbiq olunduğu sahələr, innovasiya sahələri. Səhv etmirəmsə, Azərbaycanda aqrar kredit var. Sıfırdan başlamamaq üçün onun bazasında çox güclü aqrar sənaye bankı yaradıb, aqrar sahə və onunla bağlı sahələrin sürətli inkişafını təmin etməkdən ötrü kredit mexanizmi tətbiq etmək, başqa bir bankın bazasında isə innovasiyalı inkişaf bankı yaratmaq olar. Bunun əsasında Azərbaycanda innovasiya sıçrayışına nail olmaq üçün həmin sahələrin maliyyə təminatını gücləndirmək lazımdır. İki güclü bank yaradıb valyuta ehtiyatlarının bir hissəsini həmin istiqamətə yönəltməklə büdcənin üzərinə düşən həmin ağırlığın xeyli hissəsini azaltmaq olar.
Gəlirlərin vergiyə cəlb olunması prosesində təkmilləşdirmələrin həyata keçirilməsi, vergi borclarının aradan qaldırılması istiqamətində də əlavə tədbirlərin görülməsi ilə büdcəyə xeyli əlavə vəsait cəlb etmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, indi artıq büdcəyə olan borclar 5 milyard manatı ötüb. Bu da Neft Fondundan gələn vəsaitə bərabərdir. Belə olan halda 1 il ərzində 1,3 milyard artıb, 1 milyard da fonddan əlavədir.
Müqayisə edəndə görürük ki, burada bizim kifayət qədər ehtiyatlarımız var. Həmin ehtiyatlardan istifadə etməklə biz yeni, böhrandan sonrakı dövrdə büdcəni iqtisadi inkişafın, iqtisad fəallığın artırılmasının vacib bir elementinə çevirə bilərik. Azərbaycanda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının verdiyi pessimist proqnozların əksinə olaraq 2,3% yox, 5% və ondan sonra haradasa 8 % artıma nail olmaqla biz yenə də əvvəlki davamlı inkişafı təmin edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, qonaqlar, media nümayəndələri! Mən ilk öncə elektron lövhədə qanunlar toplusunun yerləşdirilməsində rolu olan şəxslərin hər birinə öz minnətdarlığımı bildirirəm. Mən indi istifadə etdim. Sözsüz ki, bu, işin keyfiyyətinə xeyli dərəcədə müsbət təsir göstərəcək. Ona görə ki, bütün qanunvericilik toplusu burada yerləşdirilib. Dərhal baxmaq, müqayisə etmək, ziddiyyətləri araşdırmaq olur. Əvvəllər bu bizə problem yaradırdı.
Çox sevindirici haldır ki, həm Vergilər Nazirliyi, həm də Gömrük Komitəsi proqnozu 100 faizdən artıq yerinə yetirib. O  da sevindirici haldır ki, dünya bazarında neftin qiyməti kəskin aşağı düşməyib və bu da bizə imkan verir ki, büdcəyə yenidən baxaq. Amma burada narahatedici məqam ondan ibarətdir ki, illər keçir, Azərbaycan büdcəsinin neftdən asılılığı azalmır. Dünyada neftin qiyməti kəskin aşağı düşərsə, biz ciddi problemlərlə üz-üzə qalacağıq.
Hökumət sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar yeni dövlət proqramları qəbul etməlidir. Bizim neft pullarının bir hissəsi infrastrukturun qurulmasına sərf olunur. Bu çox gözəldir və biz bunu alqışlayırıq. Amma bu pulların böyük bir hissəsi sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsindən daha çox abadlaşdırma işlərinə və təmir-tikinti işlərinə sərf olunur. Şəxsən mən bunu məqbul saymıram. Mən hesab edirəm ki, bu pullar maddi nemətlər istehsal edən müəssisələrin, obyektlərin, emal müəssisələrinin yaradılmasına xərclənməlidir ki, qeyri-neft sektorunu inkişaf etdirək və büdcə gəlirlərində də onun payı artmış olsun.
Bütün dünya ölkələrində təhsilin inkişaf etdirilməsi yoxsulluğun aradan qaldırılmasında əsas rol oynayır. Bizim Milli Elmlər Akademiyasında elmlər namizədi 156 manat, adi elmi işçi isə 120 manat maaş alır. Bu, ölkədə orta aylıq əmək haqqının 50 faizi də demək deyil. Belə olan halda biz elmin, təhsilin inkişaf etdirilməsinə necə nail ola bilərik? Mətbuatda oxumuşam ki, Neft Şirkəti bu gün özünə 235 milyon dollara bina tikdirmək istəyir. Norveçin neft şirkətinin binası bizim Neft Şirkətinin binasından kiçikdir. Bir o binanın tikintisini dayandırmaqla il ərzində elmi işçilərin əmək haqlarını 3 dəfə artırmaq mümkündür.
Çox təəssüf ki, bizdə ali məktəblərə qəbulun həcmi ildən-ilə azaldılır. Dünya Bankının açıqlaması ilə bu yaxınlarda, yəqin ki, hər bir millət vəkili tanış oldu. Azərbaycanda ali təhsillilərin sayı əhalinin ümumi sayının 17 faizini təşkil edir. Müqayisə üçün deyək ki, inkişaf etmiş ölkələrdə bu göstərici ən azı 52 faizdir. Amma bizdə ali məktəblərə qəbul sayı azalır, universitetlər bağlanır və sair. Ona görə də hesab edirəm ki, yoxsulluğu aradan qaldırmaq istəyiriksə, elmə, təhsilə diqqət artırılmalıdır. Hökumət istəsə, bunun üçün büdcədən vəsait tapa bilər. Elmi işçilərin, xüsusilə də orta məktəb müəllimlərinin əmək haqları artırılmalıdır. 
Mən bizdə hərbi xərclərin artırılmasını alqışlayıram. Müharibə vəziyyətində olmayan ölkələr var ki, onlarda büdcənin 20–25 faizi hərbi xərclərə gedir. Amma biz müharibə vəziyyətindəyik və çox təəssüf ki, bu xərclər 11 faizi aşmır. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün 400 milyon manatın hərbi xərclərə ayrılmasını alqışlayıram. 2011-ci ilin büdcəsində hökumət çalışmalıdır ki, bu xərcləri bir az da artırsın. Biz, nəhayət ki, torpaqlarımızı azad etməliyik. Bütün bu danışıqların heç bir mənasının olmadığı Azərbaycan xalqına, Azərbaycan hökumətinə, Azərbaycan ictimaiyyətinə bəllidir. Beynəlxalq birlik Ermənistana heç bir təzyiq etmir və belə bir təzyiq edəcəyi də gözlənilmir. Ona görə də torpaqlarımızı azad etmək istəyiriksə, müharibəyə hazırlaşmalıyıq. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli hökumət üzvləri,  hörmətli millət vəkilləri! Dünyada gedən iqtisadi və siyasi proseslər, iqtisadi böhranın artıq ikinci fazaya daxil olması Avropa ölkələrində çox ciddi problemlər yaradır. Yunanıstanda, Portuqaliyada, İspaniyada  dövlət büdcəsində yaranmış kəsirlər çox unikal həddə çatıb. Belə bir zamanda Azərbaycanın dövlət büdcəsinə əlavə vəsaitin daxil olması unikal bir hadisədir.
Keçən il və 2010-cu ilin 4 ayında ümumi daxili məhsulun təxminən 5 faiz artması, büdcənin mədaxilinin Vergilər Nazirliyi, Gömrük Komitəsi tərəfindən 100 faiz yerinə yetirilməsi, o cümlədən dünya bazarında neftin qiymətinin 70 dollar civarında olması dövlət büdcəsinə yenidən baxılmasını bir şərt kimi irəli sürür.
2010-cu ilin dövlət büdcəsinə əlavə olaraq 1,5 milyard manat vəsait daxil olması nəzərdə tutulur ki, bunun da haradasa yarım milyarda yaxını, daha dəqiq desək, 478 milyonu büdcə kəsirinin bağlanmasına sərf olunacaq. Bu çox müsbət hadisədir, çünki büdcə kəsiri birdən-birə təxminən 3,9 faizdən 2,3 faizə endirilir. Beynəlxalq kredit qurumları üçün bu çox müsbət hadisədir, çünki kreditlərin Azərbaycana cəlb edilməsinə münbit şərait yaradır.
Kür, Araz çaylarının yaratdığı təbii fəlakət nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün büdcənin xərc hissəsində 300 milyon vəsait ayrılması nəzərdə tutulur. Mən hesab edirəm ki,  bu vəsait azdır. Çünki fəlakətin miqyası həddən artıq böyükdür. Onun nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsait daha çox olmalıdır.
Qeyd etmək istəyirəm ki, bu fəlakət zamanı hökumət,  o cümlədən Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar tərəfindən aparılan çox böyük işin nəticəsidir  ki, daşqın nəticəsində 1 nəfər də insan həlak olmayıb. Amma biz kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərdən bilirik ki, bütün dünyada baş verən təbii fəlakətlərdə yüzlərlə insan məhv olub.
Azərbaycanın digər bölgələrində də təbii fəlakətlər baş verir. Xüsusilə Quba, Xaçmaz, Şəki, Zaqatala, Şamaxı, Göyçay ərazilərində çox böyük torpaq sürüşmələri baş verib. Evlər faktiki olaraq torpaq altında qalıb. Əhalinin köçürülməsi problemi yaranıb. Mən komitənin iclasında bu barədə hörmətli Samir bəyə məlumat vermişəm. Adi bir misal gətirim. Quba rayonunda sürüşmə nəticəsində evləri faktiki yararsız vəziyyətə düşmüş 219 ailə köçürülməlidir. Təbii fəlakətlə əlaqədar olaraq xüsusi proqram işlənib hazırlanmalı və bu təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün maliyyə ehtiyatları nəzərə alınmalıdır.
Mən büdcəyə transferlə əlaqədar fikrimi demək istəyirəm. Dövlət Neft Fondundan biz  2010-cu ilin büdcəsini təsdiq edəndə 4,9 milyard manat nəzərdə tutmuşduqsa, indi 5,9 milyard manat nəzərdə tuturuq. Başa düşürük ki, Azərbaycan neft ölkəsidir, neftdən gələn gəlir Dövlət Neft Fonduna yığılır. Amma ilbəil bu fonddan transferin artırılması, haradasa 55-60 faizə çatdırılması müsbət hal kimi qiymətləndirilə bilməz. Ona görə digər ehtiyat mənbələrindən istifadə etmək lazımdır. Bunu burada həmkarlarım da qeyd etdilər. Komitənin iclasında da biz bu yolları göstərmişik. Dövlət Neft Fondunun ya əsasnaməsi dəyişdirilməlidir, ya da əsasnamədə təsdiq olunmuş faizlərə riayət etmək lazımdır ki, biz gələcək nəsillər üçün Dövlət Neft Fondunu saxlaya bilək.
Bir məsələyə də toxunmaq istəyirəm. Əmanətlərin qaytarılması ilə əlaqədar olaraq bizə həddən artıq suallar, müraciətlər ünvanlanır. Komitənin iclasında əmanətlərlə bağlı çox ciddi müzakirələr aparmışıq. Maliyyə naziri ilə komitənin üzvləri arasında müəyyən fikir ayrılıqları olub. Amma ümumi qərar belədir ki, yığışıb bu məsələyə baxmaq lazımdır. Ona görə mən təklif edirəm ki, bir dəfə Maliyyə Nazirliyi və digər maraqlı iqtisadi qurumlarla birlikdə yığışaq, bu məsələyə aydınlıq gətirək, ümumi qərarımızı verək.
Büdcənin artımını mən müsbət addım kimi qiymətləndirirəm. Ona görə bu məsələyə səs verəcəyəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edi
r

Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu gün beynəlxalq İnsan hüquqları günüdür. Necə ki, bu gün İnsan hüquqları günü olduğu parlamentin – biz deputatların və  rəhbərliyin yadına düşmədi, eləcə də indi büdcəyə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunarkən həmin büdcədən maliyyələşən insanların maaş və pensiyalarının artırılması heç kimin yadına düşmədi. Mən hörmətli Ziyad müəllimin də, hörmətli maliyyə naziri Samir müəllimin də çıxışına diqqətlə qulaq asdım. Pensiyaların, əmək haqqının, təqaüdlərin artması haqqında hər hansı bir müddəa eşitmədim. Halbuki bütün ölkədə milyonlarla insan büdcəyə dəyişikliklər haqqında qanunu böyük ümidlə gözləyir və güman edirdi ki, biz dövlət büdcəsindən maliyyələşən insanların əmək haqları və pensiyalarının azı 30–35 faiz artırılması haqqında qərar qəbul edəcəyik. İndi onların necə bir məyusluq hissi keçirəcəklərini təsəvvür etmək çətin deyildir.
Ötən iclasda bizim Müsavat deputat qrupunun nümayəndəsi çıxış elədi və göstərdi ki, təhsil, səhiyyə və bir sıra başqa sahələrdə maaşları, eləcə də sosial müavinət və pensiyaları hətta iki dəfəyə qədər artırmaq mümkündür və bunun üçün maliyyə mənbələri də vardır.
Biz indi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 300 milyon manat pul ayırırıq. O fəlakət zonasında işləyən Su Təsərrüfatı və Meliorasiya Şirkət işçilərinin  orta  əmək  haqqı bilirsiniz nə qədərdir? 90
manat! Onlar 90 manata bizi seldən qorumalıdırlar. İndi 300 milyon manatı ayıracaqsınız, 90 manat maaş alan həmin işçilər yenə o meşələri qıracaq, yenə o profilaktik tədbirləri görməyəcəklər. Onsuz da 300 milyonun 150 milyonu yuxarıdan mənimsəniləcək, oğurlanacaq və biz o təhlükəsizliyin təminatını görməyəcəyik.
Burada deputatlar hər il neçə dəfə məktəblərdə pul yığılmasından danışırlar. Bilirsiniz orta məktəbdə müəllimin bir saatının haqqı nə qədərdir? 2 manat 31 qəpik. Sonra da təəccüblənirik ki, müəllim şagirdlərdən pul yığır. Ali təhsil müəssisələrində indi imtahanlar gedir, vəziyyət də məlumdur. Vəziyyət daha necə ola bilər ki, dosentin bir saatının haqqı 3 manat 38 qəpik, professorunsa 4 manat 69 qəpikdir. Hətta qul bazarında işçilər saatı 20 manatdan aşağı işə gəlmirlər.
Son dövrdə polislərin və ya hüquq mühafizə orqanları işçilərinin çox kriminal cinayətlərə getməsi haqqında məlumatları oxuyuruq. Mən xüsusi olaraq maraqlandım. Əlində silah olan, təhlükəsizliyi qorumalı olan polisin orta maaşı 300–400 manatdır. O maaşla, o cür imkanla ailəsini saxlamaq üçün insan əvvəl-axır başqa yollara gedəsidir.
Konstitusiyada yazmışıq ki, biz sosial yönümlü iqtisadiyyat yaradırıq və iqtisadi siyasətimiz xalqın rifahının artırılmasına xidmət eləməlidir. Bu büdcə qanununda xalqın rifahının artırılmasına və sosial yönümlü iqtisadiyyata aid nə var? Biz bu cür iqtisadi siyasəti sovet dövründə görmüşük. O vaxt da hər şey müdafiə qabiliyyətinin artırılmasına və yaxud infrastrukturun inkişafına yönəldilirdi. Ona görə biz büdcə dəyişikliklərinin konsepsiya baxımından doğru olmadığı qənaətinə gəlirik. Heç kim demir ki, bütün pulları maaşlara, təqaüdlərə, pensiyaya ayıraq. Amma heç olmasa, sosial təminatda ümumi daxili məhsulun həcminə görə bizə uyğun gələn, müqayisə oluna biləcəyimiz ölkələrin səviyyəsinə yaxınlaşaq.
Nə qədər neft çıxarılır-çıxarılsın, nə qədər milyard gəlir-gəlsin, bu hökumət – Yeni Azərbaycan Partiyasının və Prezident İlham Əliyevin hökuməti bunları Azərbaycan xalqına verməyəcək. Burada hörmətli Zahid müəllim “sağçı-solçu” ibarəsini işlətdi. Nə sağçı olmaq lazımdır, nə də solçu, xalqçı olmaq lazımdır. İnsanların rifahına xidmət eləmək, onların dərd-sərini bilmək lazımdır. Bizim tələbimiz, Müsavat deputat korpusunun tələbi ondan ibarətdir ki, bu milyardlar yeni oğruların ağzına bir yem kimi atılmasın, bu xalqın – pensionerin, müəllimin, həkimin, hərbçinin, polisin, prokurorluq işçisinin ailəsinin, uşağının və özünün insan kimi yaşaması üçün, bu gün İnsan hüquqları günüdür, – insan hüququna uyğun olaraq yaşaması üçün sərf edilsin. Biz bu layihənin əleyhinə səs verəcəyik.    
Sədrlik edən. Bilirik ki, lehinə səs verməyəcəksən. Amma fövqəladə hadisələr zamanı bu zonalara yardım ayrılmasa idi, burada çıxış başqa cür olacaqdı. Yardım az olsaydı, yenə çıxış başqa cür olacaqdı. Yardım ayırıblar, indi deyirsiniz ki, oğurlayacaqlar. Yaxşı, bəs necə eləsinlər? Bu oxşadı Molla Nəsrəddinin oğurluq məsələsinə. Oğurluğu vaxtilə siz eləmisiniz, qardaş. Sən o vaxtın büdcəsinə bax, indinin büdcəsinə bax. İnsafın olsun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, media təmsilçiləri! Təqdim edilmiş qanun layihəsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi, maliyyə və vergi siyasətinin mahiyyətinə və məntiqinə söykənir. İstər İqtisadi siyasət komitəsi sədrinin, istərsə də maliyyə nazirinin hesabatından bəlli oldu ki,  Azərbaycanda dinamik iqtisadi inkişaf davam edir. Maliyyə-iqtisadi böhran Avropanın Yunanıstan, İspaniya, Portuqaliya kimi iqtisadi cəhətdən oturuşmuş ölkələrini çox ağır vəziyyətə saldı və həmin ölkələrdə bu gün də böhrandan çıxmaq üçün ən müxtəlif vasitələrə əl atırlar. Azərbaycanda isə iqtisadi inkişaf dinamik olaraq davam edir və bu da ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin doğruluğunu, düzgünlüyünü və Azərbaycan  modelinin üstünlüklərini birmənalı olaraq təsdiq edir.
Qanun layihəsində iki istiqamətdə əlavə vəsaitin ayrılması qeyd olunur. Birinci, hərbi xərclərin artırılması. Bəlli olduğu kimi, bu gün Azərbaycan müharibə şəraitindədir və mən bu istiqamətdə nəzərdə tutulmuş dəyişikliyi dəstəkləməklə bərabər, qeyd etmək istərdim ki, orduya daha çox maliyyə vəsaitinin ayrılmasına ehtiyac duyulur və bununla bağlı Azərbaycana qarşı yönəlmiş hər hansı bir ittihama Azərbaycanın kifayət qədər məntiqli cavab verməsi tamamilə mümkündür. Həmin dövlətlərə və beynəlxalq təşkilatlara, sadəcə olaraq, konkret şəkildə deyilməlidir ki, onda buyurun, öz üzərinizə götürdüyünüz missiyanı, yəni problemin, işğalın sülh yolu ilə həll olunmasını həyata keçirin və biz də ölkəmizi işğaldan azad etmək üçün vəsaitin bu şəkildə xərclənməsinə ehtiyac duymayaq.
İkinci, fəlakət zonasına ayrılan vəsait, düşünürəm ki, kifayət deyil. Məncə, bu, ilkin zaman üçün ayrılan vəsaitdir. Kürün daşması nəticəsində rayonlarımıza dəymiş ziyanın özünə xüsusi yanaşmağa ciddi ehtiyac var. Məncə, bu, xüsusi dövlət proqramı səviyyəsində işlənib hazırlanmalıdır və buna daha yüksək səviyyədə vəsait ayrılmalıdır ki, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısını almaq mümkün olsun.
Burada həmkarım Pənah bəyin söyləmiş olduğu fikirlərlə razılaşmaq mümkün deyil. Çünki dövlət büdəsində əmək haqlarının və pensiyaların artırılması əvvəldən nəzərdə tutulmuşdur və heç şübhəsiz ki, fəlakət zonasına ayrılan vəsaitin xeyli hissəsi orada ziyan şəkmiş insanların sosial problemlərinin həllinə, həyat şəraitinin bərpasına və yaxşılaşmasına xidmət edəcəkdir.
Mən, eyni zamanda, düşünürəm ki, gələcəkdə, bizim maliyyə imkanlarımız artdığı zaman yol infrastrukturunun və informasiya texnologiyalarının müasir tələblər səviyyəsində qurulma prosesini davam etdirmək üçün bu sahəyə əlavə vəsaitlərin ayrılmasına ehtiyac var.
Bütövlükdə, düşünürəm ki, təqdim edilmiş qanun layihəsi Azərbaycanın bugünkü reallığını özündə əks etdirir. Mən deputat olaraq həmin layihəni dəstəkləyirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli, buyurun.
C.Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Mən büdcə qanununa təklif olunan əlavələrlə tanışam. Hesab edirəm ki, bu əlavələr mütərəqqi xarakter daşıyır və onları müdafiə etmək, dəstəkləmək lazımdır. Ən mütərəqqi cəhət ondan ibarətdir ki, biz büdcəyə artımları müzakirə edirik. Yəni çətinlik qarşısında qalmamışıq ki, büdcə kəsirini haradan dolduraq. Büdcəyə əlavə vəsaitlər daxil olub və bu vəsaitləri təyinatları üzrə xərcləmək lazımdır. Ümumən, büdcə proqnozlarında bir sıra rəqəmlərlə razılaşmaq olar. Amma vaxtın qısalığını nəzərə alaraq mən bir sıra fikir və mülahizələrimi demək istəyirəm.
Oqtay müəllim, əmanətlərlə bağlı olan məsələ burada dəfələrlə səsləndirilib. Bu gün neft qiymətlərinin artımı fonunda əhalinin əmanətlərinin qaytarılması üçün əlverişli maliyyə mühiti yaranıb və bundan istifadə edib bu işə başlamaq lazımdır. Hesab edirəm ki,  hökumətin bu məsələni parlamentin üzərinə qoyması düzgün siyasət deyil.  “Daxili borclar haqqında”  Qanun var. Bu əmanətlər daxili borclar kimi tanınmalı və mərhələ-mərhələ əhaliyə qaytarılmalıdır. Mən burada hökumət üzvlərinin iştirak etməsindən istifadə edərək, xahiş edirəm, bu məsələ hökumətin gündəliyinə təxirəsalınmaz məsələ kimi daxil edilsin və əhalinin borclarının qaytarılmasına başlansın. Tez-tez belə ifadələr işlədilir ki, guya bu məsələ ilə spekulyasiya edilir və sair. Burada heç bir spekulyasiya cəhdləri yoxdur. Əgər bu verilmirsə, spekulyasiya ola bilər. Əhalinin halal pulu özünə qaytarılmalıdır.
İkinci mühüm məsələ əhalinin gəlirləri ilə inflyasiya arasında olan məsafənin qısaldılmasıdır. İnflyasiya 3 faiz götürülür. Halbuki bütün daxili və beynəlxalq proqnozlarda bu il üçün inflyasiyanın 8 faiz olacağı  proqnozlaşdırılır.  Ölkə rəhbəri də dəfələrlə  qeyd edib ki, yeridilən iqtisadi siyasət, sosial siyasət elə olmalıdır ki, inflyasiya əhalinin gəlirlərini yeməsin. Deməli, gəlirlər, pensiyalar, maaşlar elə artırılmalıdır ki, əhali inflyasiya ilə ayaqlaşsın. Tez-tez bəyan edilir ki, manat inflyasiyaya uğramır. Düzdür, dollarla, avro ilə müqayisədə elə ciddi dəyişiklik yoxdur. Amma bu, bazarla müqayisə edilməlidir. 75 manat pensiya alan şəxs dünən o 75 manata bazardan nə ala bilirdi, bu gün nə ala bilir? Əgər biz bu dinamikanı götürsək, görərik ki, Azərbaycan manatı ilə Azərbaycan bazarı arasında olan inflyasiyanın sürəti hökumətin nəzərdə tutduğu rəqəmlərdən xeyli böyükdür.
Əlbəttə, neftdən asılılıq da ciddi narahatlıq doğurur. Mən ona tərəfdar deyiləm ki, biz bunu ciddi şəkildə tənqid edək. Neft bu ölkənin sərvətidir. Ondan gələn gəlirlər də büdcəyə daxil olmalıdır. Burada kriminal axtarmaq lazım deyil. Amma bununla bərabər qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Büdcəyə əlavə daxil olan vəsaitin 1 milyardı Neft Fondundan transfer edilir, 490 milyonu da büdcəyə Vergilər Nazirliyi xətti ilə daxil olan vəsaitdir. Həmin vəsait də bilavasitə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azneftin hesabınadır. Bəs qeyri-neft sektorundan gələn gəlirlər hara gedir? Bir nümunə gətirim. İndi bizim müzakirə etdiyimiz layihədə investisiya xərcləri artırılır. Əgər investisiya xərcləri artırılırsa, bundan vergiyə daxilolmalar da bu rəqəmlərin üzərində görünməli idi. Təəssüflər olsun ki, biz bunu müşahidə etmirik.
Əhalinin müxtəlif kateqoriyalarının – alimlərin, səhiyyə işçilərinin, mədəniyyət işçilərinin, pensiyaçıların vəziyyəti, Oqtay müəllim, xahiş edirəm, büdcədə nəzərə alınsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə.  Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli hökumət üzvləri, hörmətli parlament üzvləri! 2010-cu ilin büdcəsinə yenidən baxılması ilə bağlı məsələnin müzakirəsi bugünkü Azərbaycanda daxili siyasətin və iqtisadiyyatın vəziyyətinin çox gözəl bir göstəricisidir. Bütün dünya iqtisadi böhrandan əziyyət çəkdiyi, büdcəsində böyük kəsir əmələ gəldiyi bir vaxtda Azərbaycan nəinki böhranın törətdiyi fəsadların qarşısını ala bilir, eyni zamanda, dövlət büdcəsinin ilin ortasında yenidən artırılması barədə təkliflə çıxış edir. Bunun özü göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili siyasət, Azərbaycanın öz daxili resursları hesabına qurulan sosial-iqtisadi inkişaf proqramı düzgündür. Artıq iki ildir ki, dünyada iqtisadi böhran gedir, iki ildir ki, Azərbaycan nəhəng böhranın fəsadlarının qarşısını alaraq özünün dinamik inkişafını təmin edə bilir. Bu, Azərbaycan modelidir, bu, Azərbaycanın yoludur və ölkəmiz bundan sonra da bu yol ilə gedəcəkdir.
Bu günlərdə Azərbaycanda daşqınlar nəticəsində yaranan fəsadların qarşısını almaq üçün böyük işlər görüldü. Azərbaycan dövləti ümumilikdə bu fövqəladə hala hazır oldu. Onun qarşısını ala bildi və insan tələfatına yol verilmədi. Biz hər gün televiziya kanallarının xəbərlər proqramlarını izləyir, ayrı-ayrı ölkələrdə, o cümlədən Avropa ölkələrində təbii fəlakətin törətdiyi nəticələri, insan tələfatını görürük. Amma ümumən götürəndə Azərbaycan dövləti bunların qarşısını ala bildi.
Hesab edirəm ki, büdcəyə edilən dəyişikliklər bu günün tələblərinə tam cavab verir. Həllini gözləyən məsələlər  kifayət qədər olsa da, bu gün prioritet istiqamətlər məlumdur. Nədir bu prioritet istiqamətlər? İlk növbədə daşqınlar nəticəsində evlərini itirən insanların evlərinin bərpa edilməsi, onların problemlərinin həll edilməsi. Məndən əvvəl müxalifətdən olan bir deputat çıxış etdi, dedi ki, bu dəyişikliklərin əleyhinə səs verəcək. Elə isə, onlar etiraf etməlidirlər ki, daşqınlar nəticəsində evlərini itirən on minlərlə insanların evlərinin bərpa edilməsinin, təbii fəlakətin dağıtdığı infrastrukturun bərpasının, eləcə də Azərbaycan ordusunun daha müasir silahlarla təmin edilməsinin əleyhinədirlər. Mənə elə gəlir ki, büdcənin əleyhinə olmaq ilk növbədə bütün bu proqramların əleyhinə olmaq deməkdir.
Eyni zamanda, burada bir məqama toxunmaq istəyirəm. Çox maraqlıdır ki, büdcənin artımı təkcə Neft Fondunun hesabına deyil, daxili mənbələr, digər resurslar hesabına olur. Məsələn, diqqətimi cəlb etdi ki, milyard yarım vəsaitin yarım milyarda qədəri Vergilər Nazirliyi vasitəsilə təmin ediləcək. Yəni Vergilər Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirməklə yanaşı, eyni zamanda, onun üzərinə düşən əlavə vəzifələri də yerinə yetirmək iqtidarındadır və bu sahədə gördüyü işlər öz nəticəsini verəcək. Həmişəki kimi, nazirliyin bu işin də öhdəsindən gələcəyinə inanıram.
Digər tərəfdən, büdcənin artımı üçün Neft Fondundan da 1 milyarda qədər vəsait ayrılması nəzərdə tutulub. Bəzən belə fikirlər səslənir ki, bunu gələcək nəsillər üçün saxlayaq, bundan çox ehtiyatla istifadə edək. Birincisi, Neft Fondu haqqında bizim qəbul etdiyimiz qanun var. Orada deyilir ki, daxil olduğundan artıq ondan istifadə edilə bilməz. Bu bir  məqam. İkincisi isə, əgər Azərbaycan müəyyən bir problem qarşısındadırsa, o vəsaiti saxlamağımızın nə mənası var?   Bu gün bu problem var. Bu gün on minlərlə insana evlər tikilməlidir, yollar çəkilməlidir, infrastruktur qurulmalıdır, yeni su bəndləri çəkilməlidir.
Hesab edirəm ki, bu ayırma tamamilə düzgündür. Dəyişiklikləri müsbət qiymətləndirirəm və hesab edirəm ki, büdcəyə yenidən baxılması təklifi düzgündür və ona səs verəcəyəm. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov.
N.Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də, təbii ki, Aydın müəllimin fikri ilə şərikəm. Həqiqətən, Azərbaycan bu gün dünya iqtisadi-maliyyə böhranının davam etdiyi bir zamanda büdcəsin artıran az ölkələrdən biridir. Dövlət büdcəsinə daxil olan əlavə vəsaitin, əsasən, iki istiqamətə yönləndiriləcəyi, Azərbaycanın hərbi təhlükəsizliyinin təmin olunması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədlərinə sərf olunacağı barədə həm Ziyad Səmədzadə, həm də maliyyə naziri Samir Şərifov çıxışlarında qənaətbəxş məlumat verdikləri üçün mən bu məqama toxunmaq istəməzdim. Sadəcə olaraq, bəzi məsələlərə mən də aydınlıq gətirilməsi üçün çıxışa yazılmışam.
Mən hesab edirəm ki, biz ümumilikdə iqtisadiyyatımızın daha da təkmilləşdirilməsi üçün islahatlarımızı davam etdirməli və bu islahatlar çərçivəsində ilk növbədə korporativ idarəetmə mədəniyyətini daha da stimullaşdırmalıyıq. Burada qeyd olundu ki, qeyri-neft sektorundan  vergilər az yığılır. Bilirsiniz ki, vergiyığanlarla vergiödəyənlər arasında antaqonist münasibətlər bütün cəmiyyətlərdə var. Bunun aradan qaldırılması üçün vergi ödəyicilərinin vergi mədəniyyətini yüksəltmək lazımdır. Bu həm də cəmiyyətin işidir. Vergilər Nazirliyinin apardığı işlər, təbii ki, təqdir olunmalıdır. Onunla yanaşı, biz də cəmiyyət olaraq vergi ödəyiciləri arasında maarifləndirmə işini gücləndirməliyik. Çünki sosializm sistemində yaşamış insanlar vergi mədəniyyətinə az öyrəniblər. O baxımdan mən güman edirəm ki, şirkətlər böyüdükcə onların vergi mədəniyyətinin artırılması üçün korporativ idarəetmə mədəniyyəti Azərbaycana daha sürətlə gətirilməlidir.
Güman edirəm ki, Maliyyə Nazirliyinin rayon şöbələri ləğv olunaraq, onların yerində iqtisadi zonalar üzrə maliyyə departamentləri yaradılmalıdır. Maliyyə Nazirliyinin strukturunda mən bu fikri bir neçə dəfə səsləndirmişəm. Bu həm şəffaflığı artırar, həm də idarəetmə mədəniyyətini daha da yüksəldər.
Burada belə bir fikir səsləndi ki, əmək haqqının orta hesabla 30–40 faiz artırılması büdcədə mütləq göstərilməlidir. Bu heç də belə deyil. Heç bir dövlət büdcəsində belə rəqəmlər göstərilmir. Sadəcə olaraq, müəyyən sahələrə vəsaitin daha çox ayrılması şəraitində hökumətə imkan yaradılır ki, ayrı-ayrı sahələrdə büdcədən maliyyələşən insanların əmək haqlarının, o cümlədən pensiyaların artırılmasını təmin etsin. Bizdə də məhz bu siyasət yürüdülür. Büdcənin strukturuna baxdıqda görürük ki, sosial sahələrə kifayət qədər vəsait yönəldilir. Cənab Prezident səfərlərin birində dediyi kimi, 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən insanların əmək haqlarına və pensiyalara əlavələr olacaq. Bu, mütləq olacaq. O baxımdan mən dövlət büdcəsinə əlavə və dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Güman edirəm ki, bu, iqtisadiyyatımızın dinamik inkişafını təmin etməli olan gələcək işlərin daha təkmil aparılması üçün əsaslar yaradacaq. Bir daha hökumətə və Milli Məclisə uğurlar diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım! Söhbəti obyektiv məcraya yönəltmək üçün, icazə verin, sizə bir-iki rəqəmi xatırladım. Bildiyiniz kimi, büdcə sisteminin sağlamlığını, büdcənin dayanıqlığını müəyyən etmək üçün Avrozonada Maastrix meyarları adlanan xüsusi meyarlar təsdiq olunub. Məncə, bu meyarlardan istifadə edərək bəzi müqayisələr aparmaq maraqlı olardı. Burada əsas meyarlar dövlət büdcəsinin kəsirinin ölkənin ümumi daxili məhsuluna faizlə nisbəti, bir də dövlət borclarının ümumi daxili məhsula faizlə nisbətidir.
Avropanın inkişaf etmiş ölkələrindən bəzilərini misal göstərim. Məsələn, 2009-cu ildə Portuqaliyada dövlət büdcəsinin kəsiri ümumi daxili məhsula nisbətən 9,4 faiz, İspaniyada 11,2 faiz, Böyük Britaniyada 11,5 faiz, Yunanıstanda 13,6 faiz, İrlandiyada 14,3 faiz olmuşdur. Mən ancaq 10 faizə yaxın və ondan yuxarı olanları göstərirəm. Görürsünüz ki, 3 faizdən nə qədər artıqdır. Samir müəllimin dediyi kimi, bu il Azərbaycanda bu göstəricinin 2,3 faiz olacağı gözlənilir. Görün, dövlətin xarici borclarının ümumi daxili məhsula faizlə nisbəti inkişaf etmiş ölkələrdəkindən neçə dəfə aşağıdır. Bu göstəricinin 60 faizdən artıq olduğu
ölkələri göstərim. Hollandiya 60,9 %,  İrlandiya 64 %, Avstriya 66 %, Böyük Britaniya 68,1 %, Almaniya 73,2 %, Portuqaliya 76,8 %, Fransa 77,6%, Macarıstan 78,3 %, Belçika 96,7 %, Yunanıstan 115,1 %, İtaliya 115,8 %. Deməli, bu ölkələrin borcları dövlət büdcəsindən bir neçə dəfə artıqdır. Azərbaycanda keçən il bu göstərici 7,9 %, yəni həmin ölkələrdəkindən 6, 7, 8, 15 dəfə aşağı olmuşdur.
Milli valyutanın dollara, avroya nisbətən məzənnəsini, yəqin ki, hamı bilir. Bu da göstəricidir. Ancaq bayaq burada səsləndi ki, bu rəqəmlərə səbəbkar maliyyə böhranıdır. Elə deyil. Maliyyə böhranı bu problemlərin üstünü açdı. Problemlər də haradan yarandı? Populizmdən, seçkidən seçkiyə səslənən “maaşlarınızı artıracağıq, təqaüdlərinizi artıracağıq” vədlərindən. Mənbə olmadan maaşlar da artırdı, təqaüdlər də, sosial yardımlar da. Haradan? Borclanmadan. Maliyyə böhranı bu kontoru bağladı və bunun üstü açıldı. Haradan ödəmək? Yeni borclardan ödəmək. Artıq bu gün söhbət gedir ki, bəzi ölkələr məcbur olub defolt elan edəcəkdir.
Bir rəqəmi də sizə deyim. Ən böyük borcları, ən böyük problemləri olan ölkələrdə əmək məhsuldarlığı misal üçün, Almaniyaya nisbətən 2, 3, 4 dəfə aşağıdır. Maaşı, təqaüdü isə hamı Almaniyadakı kimi almaq istəyir. 
Mən də istəyərdim ki, hər bir Azərbaycan vətəndaşı, ölkəmizdə hər bir ailə istədiyi kimi yaşasın, həyat səviyyəsi yüksək olsun. Ancaq əgər bu göstəricilər əmək məhsuldarlığına bağlı olmasa, bunlara uyğun inkişaf etməsə, gec-tez həmin problemləri biz də yaşayacağıq. Ona görə də mən hökumətin mühafizəkar maliyyə siyasətini dəstəkləmişəm və dəstəkləyirəm.
Bu gün hökumət neftin qiymətini 75–80 dollar da götürə bilərdi. Heç kim də isbat edə bilməzdi ki, bu düzgün deyil. Deyə bilərsiniz  ki, neftin qiymətini ekspertlər proqnozlaşdırırlar. O ekspertlər 1998-ci ildə, 2008-ci ildə harada idilər? 1998-ci ildə bir barel neftin qiyməti birdən-birə 9–10 dollara düşdü. Halbuki hamı 32, 40, 50 dollar planlaşdırırdı. 2008-ci ilin may, uyun aylarında çıxan qəzetləri oxuyun, proqnozlara baxın. Həmin o proqnozlara görə 2008-ci ilin axırında neftin qiyməti 200–250 dollar olmalı idi. İyulun 13-də qiymət artıq 149 dollar 75 sentə gəlib çıxmışdı. Sonra nə oldu? Bir neçə aydan sonra təxminən 40 dollara gəlib düşmədi? Ona görə də mühafizəkar  olmaq, ehtiyatlı olmaq lazımdır.
Mən təklif edirəm, bu qanun layihəsini dəstəkləyək, alqışlayaq. Çünki bütün uğurlarımız bu sənəddədir. Diplomatik uğurlarımız da, ictimai-siyasi uğurlarımız da, sosial uğurlarımız da, hərbi qüdrətimiz də buradadır. Bizi eşidirlərsə, o da buna görədir.
Sədrlik edən. Çıxış etmək üçün təkid edən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                       (saat 13.50 dəq.)
Lehinə                                                                       98
Əleyhinə                                                                     5
Bitərəf                                                                        0
Səs verməd                                                                0   
İştirak edir                                                                103  
Nəticə: qəbul edildi

Çox sağ olun. Qanun qəbul edildi. Hökumət üzvlərinə “sağ ol” deyirik, buyursunlar.
Gündəliyin növbəti məsələsi. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyursun Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl referendum yolu ilə Konstitusiyaya əlavələr və dəyişikliklər oldu. Bunlardan biri də hökumətlərarası müqavilələrlə bağlı olan məsələ idi. “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanuna məhz həmin dəyişiklikdən irəli gələn əlavələr və dəyişikliklər təklif olunur.
Qanun layihəsi haqqında qısaca məlumat vermək istəyirəm. Bilirik ki, dövlətlərarası müqavilələr parlament tərəfindən ratifikasiya olunur. Həm dövlətlərarası müqavilələr, həm də hökumətlərarası müqavilələr hüquqi cəhətdən məcburidir və iştirakçı dövlətlər tərəfindən yerinə yetirilməlidir. Amma əgər hökumətlərarası müqavilədə Azərbaycan qanunundan fərqli hüquqi rejim nəzərdə tutulubsa və həmin müqavilə Milli Məclis tərəfindən təsdiq olunmayıbsa, Azərbaycan dövlətinin o müqavilədən irəli gələn beynəlxalq hüquqi öhdəlikləri pozulmuş ola bilər. Çünki qanun hökumətlərarası müqavilədən üstün hüquqi qüvvəyə malikdir və buna görə də bu hal qanunla təsbit olunmalıdır. Beləliklə, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilənin Milli Məclis tərəfindən təsdiq olunması və bununla da ona qanun statusu verilməsi yuxarıda göstərilən problemi aradan qaldırmış olar. Bu məsələni biz referendumda həll etdik. Amma təbii ki, “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməs qaydaları haqqında” Qanunda da bunun öz əksini tapması çox vacibdir.
Məlumat üçün demək istəyirəm ki, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməs qaydaları haqqında” Qanunun 8.2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edən müqavilələr yalnız Milli Məclis tərəfindən təsdiq edilir. Bax indi həmin bu müddəa referendum yolu ilə Konstitusiyaya etdiyimiz dəyişikliklərə uyğunlaşdırılaraq yeni redaksiyada təklif olunur. Burada Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin hüquqi qüvvə alması qaydaları dəqiq göstərilir.
Yəqin, fikir vermisiniz, bu qanun bir qədər köhnə qanundur, Konstitusiyamızın qəbulundan əvvəl qəbul olunmuş bir qanundur. Ona görə biz fürsətdən istifadə edib bu qanunda texniki baxımdan da dəyişikliklər etdik. Çünki Ali Sovet artıq Milli Məclisdir, mətndə prezident göstərilirdi, amma bizim qanunvericilik texnikasında müvafiq icra hakimiyyəti orqanıdır. Yəni bu referendumdan irəli gələn dəyişikliyi etdiyimiz zaman mövcud texniki qüsurları da aradan qaldırmış oluruq. Millət vəkillərindən layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri                            (saat 13.54 dəq.)
Lehinə                                                                            95
Əleyhinə                                                                          0
Bitərəf                                                                             1
Səs verməd                                                                     0  
İştirak edir                                                                       96  
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul edildi. Növbəti məsələ tənəffüsdən sonra müzakirəyə çıxarılacaq. Sağ olun, tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasın davamına başlayırıq. Gündəliyin dördüncü məsələsi “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əlavələr edilməsi barədədir. Buyursun Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, 2009-cu ildə mart referendumunda Konstitusiyaya bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Söhbət müharibə şəraitində ali dövlət orqanlarına seçkilərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, Prezidentin və Milli Məclisin səlahiyyətlər müddətlərinin uzadılması ilə bağlı olan 84 və 101-ci maddələrdən gedirdi. Artıq Konstitusiyanın qüvvədə olan müddəalarının təminatı məqsədi ilə və qeyd etdiyim kimi, mart referendumunda edilmiş əlavələrə və dəyişikliklərə əsaslanaraq, “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əlavələrin edilməsi təklif olunur. Belə ki, ali vəzifəli şəxslərin səlahiyyət müddətinin artırılması məsələsinin əhəmiyyətini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin artırılması ilə bərabər, Qanunun 7-ci maddəsinə bu məsələnin birbaşa Konstitusiya Məhkəməsinin Plenumunun iclasında baxılması şərtinin əlavə edilməsi təklif olunur. Yəni bu məsələnin əhəmiyyət dərəcəsini nəzərə alaraq, ancaq Konstitusiya Məhkəməsinin Plenumunda baxılması təklifi irəli sürülür. Beləliklə, Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın yeni növü yaradılır.
Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” Qanuna  53-1-ci və 55-1-ci maddələrin əlavə edilməsi təklif olunur. Bu maddələr Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə və 101-ci maddəsinin beşinci hissəsinə əsaslanaraq, Konstitusiya Məhkəməsinin yeni xüsusi prosedur qaydalarını nəzərdə tutur. Misal üçün, 53-1.3-cü maddədə Milli Məclisin çağırış müddətinin uzadılması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan təklifin Konstitusiya Məhkəməsinin Plenumunda ən geci 7 gün keçənədək baxılmasına başlanılması göstərilir. Bir sözlə, referendumda nəzərdə tutduğumuz müddəaların, yən müharibə dövründə Prezidentin və parlamentin səlahiyyətlərinin uzadılması ilə bağlı olan məsələlərin Konstitusiya Məhkəməsində baxılması qaydası müəyyən olunur.
Bu baxımdan mən düşünürəm ki, biz artıq referendumda qəbul olunmuş, qüvvədə olan məsələnin müzakirəsi ilə bağlı yox, sırf prosedur məsələsi ilə bağlı hər hansı bir sual olsa, onu cavablandıra bilərik. Amma bir daha vurğulamaq istəyirəm ki, həmin məsələnin əhəmiyyətini nəzərə alaraq, ona Konstitusiya Məhkəməsində xüsusi icraatda mümkün qədər konkret müddətdə məhz Plenumda baxılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Konstitusiyadan irəli gələn məsələlərin  həlli baxımından qanunvericiliyimizin təkmilləşdirilməsinə xidmət edən bir layihədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Referendum vasitəsi ilə Konstitusiyaya gətirilən bu müddəa ciddi bir vaxtda diskussiyalara səbəb olmuşdur. Mənim mövqeyim indi də ondan ibarətdir ki, hansısa formada belə bir vəziyyətin yaranması hər bir dövlət üçün mümkün olan haldır. Şübhəsiz ki, Konstitusiyaya uyğun olaraq, müvafiq qanunvericilik də tənzimlənməlidir. Lakin o vaxt da müzakirələr zamanı bu məsələ ətrafında iki istiqamətdə müzakirələr gedirdi. Bunlardan birincisi ondan ibarət idi ki, Konstitusiyaya belə bir qaydanın  gətirilməsi, həqiqətən, Azərbaycanın müharibə vəziyyətində olması ilə və döyüş əməliyyatlarının başlanmasının mümkünlüyü ilə bağlıdırmı? Belə bir istiqamətdə söhbət gedirdi.
İkincisi, daha çox siyasiləşdirilərək deyilirdi ki, istənilən vaxt bu barədə həm müraciət, həm də qərar qəbul etmək hüququ, konkret olaraq, Mərkəzi Seçki Komissiyasına aiddir. O vaxt seçkiləri həyata keçirən icra orqanı adlanırdı. Yəni Konstitusiya Məhkəməsi üzərində nəzarət imkanı olan hansısa bir siyasi qüvvə bundan sui-istifadə edə bilər və özünün hakimiyyətini sona qədər uzatmaq üçün addım ata bilər. Təbii ki, o vaxt müzakirələrdə hüquqşünaslar, o cümlədən qanunvericilik təşəbbüsçüləri əsaslandırdılar ki, bu çox müstəsna bir haldır. Burada belə bir qərarın qəbul edilməsi çox nadir halda ola bilər. O baxımdan, sadəcə, bunun olması zəruridir. Mən də razıyam ki, artıq referendum keçirilmişdir.
Şübhəsiz ki, biz Konstitusiyanın təsdiq olunmuş müddəasının nə vaxtsa dəyişdirilməsinə yalnız ümid edə bilərik. İndi bunu bizim dəyişdirmək imkanımız yoxdur. Əlbəttə, həmin müddəalar bəlkə də o vaxt nəzərdə tutula bilərdi. Deyək ki, müharibə və hərbi əməliyyatların qeyri- mümkün etdiyi şəraitdən söhbət gedir. Əlbəttə, Azərbaycanda dövlətimiz üçün, xalqımız üçün belə bir halın baş verməsini heç kəs arzu eləməz. Məsələn, çox böyük təbii fəlakətlər dövründə də, əslində, belə bir şərait meydana çıxa bilər.
Mən bəzi ölkələrin qanunvericilik praktikasına baxmışam. Onlarda hər ehtimala qarşı həmin şərait nəzərə alınır. İkincisi, burada iki anlayış var ki, sözün doğrusu, onların da dəqiqləşdirilməsinə ehtiyac var. Bunlar “müharibə şəraiti” və “hərbi əməliyyatlar” anlayışlarıdır. Onların seçkilərin keçirilməsini mümkün etməməsi ilə bağlı müddəa bizim Konstitusiyada vardır. İndi mən bunu nəyə görə demək istəyirəm? Bir tərəfdən belə bir müraciətin və qərarın qəbul edilməsi müharibə şəraitində və hərbi əməliyyatlarda seçkilərin keçirilməsinin mümkünsüzlüyü ilə müəyyənləşdirilir. Məsələn, hərbi əməliyyatlar uzun müddət davam edə bilər, amma seçkilərin keçirilməsi mümkün ola bilər. Halbuki Konstitusiyada birmənalı şəkildə yazılıb ki, hərbi əməliyyatlar sona çatana qədər. Yəni lokal xarakterli hərbi əməliyyatlar da sona çatana qədər. Aydın olmur.
Mən bunlara diqqəti cəlb elədikdən sonra konkret bugünkü məsələyə keçirəm. Birincisi, hesab edirəm ki, əgər bu məsələ gündəmə gətirilibsə, kompleks halda gətirilməli idi. Yəni Seçki Məcəlləsindəki Mərkəzi Seçki Komissiyasının vəzifələri və səlahiyyətləri ilə bağlı müddəa da gərək hazırlanıb gətirilə idi. Çünki Mərkəzi Seçki Komissiyası müraciət edir. Məsələn, burada konkret olaraq, prosedurlar müəyyənləşdirilir ki, Konstitusiya Məhkəməsinin qərarı 6 səs çoxluğu ilə qəbul edilməlidir. Deyək ki, hansısa məsələ birbaşa Plenuma çıxarılır və ən geci 7 gün  ərzində ona baxılmalıdır. Amma bu müraciət kim tərəfindən irəli sürülə bilər? Mərkəzi Seçki Komissiyası tərəfindənmi qaldırıla bilər? Neçə üzvü qaldıra bilər? Hansı səs çoxluğu ilə qəbul edilə bilər? Bu müraciətin forması nədən ibarət ola bilər? Məsələn, bu məsələlər tənzimlənmir. Mənə elə gəlir ki, Seçki Məcəlləsinə əlavələrin edilməsi nəzərdə tutulur.
İkincisi, Konstitusiyanın 101-ci maddəsində Prezident seçkilərinin əsasları müəyyənləşdirilib. Qeyd olunur ki, bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. Yəni bizdə Prezident seçkilərinin əsasları haqqında qanun yoxdur. Bu, Seçki Məcəlləsində müəyyən bir bölümdür. Yəqin, nəzərdə tutulub ki, bu həmin qanunla müəyyən edilir. Belə bir müddəa var. Amma, məsələn, deyək ki, “Milli Məclis haqqında” Qanunda bu məsələnin qanunla müəyyən edilməsi ilə bağlı müddəa yoxdur. Ona görə də mən bir daha təklif edərdim ki, bu məsələnin, həqiqətən, olduqca mühüm hüquqi və siyasi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, hansısa bir qanun, yaxud Konstitusiya Qanunu işlənib hazırlansın. Burada qeyd elədiyimiz müəyyən anlayışlar dəqiqləşdirilərdi. Həm Konstitusiya Məhkəməsində, həm də Mərkəzi Seçki Komissiyasında bu məsələlərə baxılması həmin qanunda əksini tapardı. Çünki bu məsələ mühüm olduğuna görə kütləvi informasiya vasitələrində dedi-qoduya səbəb olur. Məsələn, mən xatırlayıram, “Yeni Müsavat” qəzetində və sair. Yəni bunu da başa düşmək lazımdır. Həqiqətən, çox mühüm əhəmiyyətə malik olan bir müddəadır. O baxımdan, yəqin, biz əlavə və dəyişikliklər etdiyimizə görə bir oxunuşda qəbul edəcəyik və qüvvəyə minəcəkdir. Lakin hesab edirəm ki, onsuz da bu məsələ yarımçıq qalır, Seçki Məcəlləsi ilə, Mərkəzi Seçki Komissiyası ilə bağlı dəyişikliklərin edilməsini də zəruri edir.
Mən hesab edirəm ki, gələn çağırış Milli Məclisin deputatları üçün bizim hörmətli hüquqşünaslar və ya Prezident Administrasiyasında bu işlə məşğul olan şəxslər tərəfindən hər halda belə bir qanunun işlənib hazırlanması, habelə deyilən məsələlərin hüquqi cəhətdən mükəmməl  şəkildə təsbit olunması, güman edirəm ki, həm hüquqi baxımdan, həm də bu məsələnin həlli baxımından böyük əhəmiyyətə malik ola bilərdi. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ ol,  Pənah bəy. Amma bir söz işlətdin ki, referendumun təşəbbüsçüsü Milli Məclis olub. Deməli, sən də bu təşəbbüsçülərdən birisən, çünki Milli Məclisin üzvüsən. Azlıqda da olsan, çoxluqda da olsan, artıq bu təşəbbüsün içindəsən. Zahid Oruc buyursun.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Açığı, mən bu məsələni çox təqdir elədim ki, tabloda bu qədər  az sayda yazılanlarımız var. Çünki bu məsələnin mediada yeni məsələ kimi təqdim edənləri təəccüblə qarşılamışdım. Hətta xarici kanalların birindən mənə telefon etmişdilər. Mən elə saydım ki, həqiqətən də, yeni müharibə düzəlişləri ilə bağlı konkret sənəd hazırlanılıbdır. Sonra dəqiqləşdirəndə bəlli oldu ki, 2009-cu ilin referendumunda irəliyə sürülmüş Konstitusiya islahatları paketinin müddəalarından birini bu cür əlahiddə formada təqdim etmişlər.
Birincisi, xüsusi vurğulamaq istəyirəm ki, referendumla əlaqədar Konstitusiyaya edilən əlavələr və dəyişikliklərin hər biri ilə bağlı xüsusi qanunvericilik aktlarının qəbul olunması çox mütərəqqi hadisədir. Mən hörmətli həmkarımız Əli Hüseynova xüsusi təşəkkürümü bildirirəm. O, bu sənədin hazırlanmasında zəhməti keçən bir insandır. Eyni zamanda, qanunvericiliyin hüquqi bazasının formalaşmasında bu gün də aktiv fəaliyyət aparmaqdadır. Çünki ötən dövr ərzində referendumun əleyhinə olan dairələrin arqumentləri ayrı-ayrı maddələr üzrə idi. Amma zaman sübut elədi ki, referenduma çıxarılmış paketin digər müddəalarının da hər biri çox önəmlidir.
İkincisi, bu məsələni müharibə qanunu kimi izah etməyə çalışanlara Pənah bəyin bugünkü çıxışı, əslində, kifayət qədər kompromis oldu. Həmin çıxış konsensus elementlərini özündə daşıyırdı. Burada hərbi vəziyyət haqqında qanunvericilikdən söhbət getdi. Hətta bir az irəli gedərək Pənah bəy dedi ki, fövqəladə vəziyyət şəraitində də seçkilərin keçirilməsi qeyri-mümkün ola bilər və biz bunu da əlavə etməliyik. Bu da yeni haldır. Ümumiyyətlə, bu məsələni hakimiyyət marağı ilə izah edənlərin məntiqinin nə qədər absurd olduğunu çıxışımda qeyd etmək istərdim. Müxtəlif efirlərdə və medialarda yenə də bu məsələni 2010-cu ilin kontekstində izah etmək son dərəcə yanlışdır. İş ondadır ki, hansı iqtidar, hansı hakimiyyət məhz seçki amilinə görə müharibə aparar. Bəs dünənə qədər deyirdiniz ki, torpaq məsələsinə görə Azərbaycan hakimiyyəti müharibə elan etsin. İndi bununla bağlı müəyyən addımlar atmaq istəyəndə dərhal onu seçki amilinə bağlayırsınız və sair. Yəni bunun nə qədər məntiqsiz olduğuna ən adi arqumentlər də tab gətirmir.
Mən istəyirəm ki, burada dəqiq açılma olsun. Söhbət hansı halda  seçkilərin təxirə salınmasından gedir? Ona görə yox ki, namizədlər normal seçki rəqabəti apara bilmirlər, ədalət sistemi pozulur, yaxud orada əhalinin iradəsini müəyyənləşdirmək mümkün olmur. Bu, amillərdən biri kimi çıxış edə bilər. Amma bu gün qaçqın və məcburi köçkünlərimiz müxtəlif rayonlarda səsvermə ilə öz iradələrini ifadə edir və parlamentə üzv seçirlər. Amma elə hallar mümkündür ki, orada parlament üçdə iki tərkibdə toplaşa bilmir. Necə deyərlər, parlament hakimiyyətin normal bir qolu kimi formalaşa bilmir. Söhbət məhz bu cür müharibə əməliyyatlarından gedir. Əgər Azərbaycan müharibə edəcəksə, xalqın ümumi işi olacaqdır. Amma lokal bir səviyyədə, tutaq ki, gündəlik  Azərbaycanın  döyüş zonalarında onsuz da atəşkəs pozulur. O halda bunu bəhanə edərək, lokal bir regionda bunu tətbiq eləmək və seçkiləri təxirə salmaq məsələsindən söhbət gedə bilməz. Qeyd olundu ki, belə bir real vəziyyətin hüquqi bazası, hüquqi müstəvisi müəyyənləşməli idi. O da bu qanunla müəyyənləşmiş olur.
Sonuncu bir fikri də vurğulamaq istəyirəm. Mən təəssüf elədim ki,  Venesiya Komissiyasının referendum ərəfəsində irəliyə sürdüyü Konstitusiya dəyişiklikləri paketi də, sonrakı dövrdə verdiyi rəylər də kifayət qədər ziddiyyətli idi. Mən xatırlayıram, hörmətli Fuad müəllim Ələsgərovun rəhbərlik elədiyi şöbə tərəfindən həmin rəyə yeni bir rəy verildi. Orada diqqəti çəkən bir müddəanı burada səsləndirmək və referendum əleyhdarlarının nəzərinə bunu çatdırmaq istəyirəm.  Məsələn, Norveçin, İsveçin və başqa ölkələrin qanunvericiliyində, o cümlədən Konstitusiyasında əks olunan müddəalara Venesiya Komissiyası müsbət rəy verib. Amma Azərbaycan Konstitusiyasında bu müddəaların təsbit olunmasının əleyhinə getmişdir. Mən hesab edirəm ki, onların yanaşmalarında hüquqi dəlillərdən, hüquqi müstəvidən daha çox, siyasi mövqelər əsas götürülür. Bu da çox təəssüf doğurur. Mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Burada məndən öncə qeyd olundu, mən də o fikirdəyəm ki,  həm hərbi vəziyyət şəraitində, həm də fövqəladə vəziyyət şəraitində ölkədə seçkilər keçirilə bilməz. Bu məsələlər qanunda öz əksini tapsa, doğru olardı. İkincisi, biz çalışmalıyıq ki, qanunvericilik texnikası baxımından qanunların həcmi çox da böyük olmasın. Məsələn, 53-1.2-ci maddəyə ehtiyac yoxdur. Burada qeyd olunur ki, Mərkəzi Seçki Komissiyasının qərarına Konstitusiya Məhkəməsi hökmən baxmalıdır. Yəni baxmaya bilməz. Artıq müddəadır, əlavə yer tutur. Eyni ilə 55-1.2-ci maddə. Ona görə ki, Mərkəzi Seçki Komissiyasının qərarını müzakirə etmək Konstitusiya Məhkəməsinin birbaşa vəzifəsidir.
Mənim söyləyəcəyim texniki məsələdir. 55-1.6-cı maddədə qeyd olunur ki, bu qərar qəbul olunandan dərhal sonra Prezidentə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir. Tutaq ki, qərarı göndərdi. Bunun nəyi dəyişir? Bizim Konstitusiya Məhkəməsinin qərarlarının qüvvəyə minməsi proseduru müəyyənləşib. Konstitusiya Məhkəməsinin qərarı dərc olunmalıdır ki, o, qüvvəyə minsin. Yəni onu dərhal göndərmək nə deməkdir? İclas başa çatan kimi, 10 dəqiqə ərzindəmi göndərməlidir? Bu nəyi həll edir? O baxımdan 55-1.6-cı maddəyə ehtiyac yoxdur.
Mən bir əlavə təklif də vermək istəyirəm. Bu nə ilə bağlıdır?  Konstitusiya üzrə Ziyafət müəllim mütəxəssisdir. Yəqin, o da təsdiq edər ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarının qərarlarından şikayət etmək hüququ var. Bu, yeganə haldır ki, vətəndaş MSK-nın qərarından şikayət eləmək imkanı əldə eləmir. Yəni Mərkəzi Seçki Komissiyasının qərarı birbaşa Konstitusiya Məhkəməsinə göndərilir və Konstitusiya Məhkəməsində də mahiyyəti üzrə qərar qəbul olunur. Ya MSK-nın qərarı təsdiq olunur, yaxud da qəbul olunmur. Bu məsələ seçkilərlə bağlı olduğuna görə MSK-nın qərarından vətəndaş da, siyasi partiya da narazı ola bilər. Biz burada hansısa bir mexanizm nəzərdə tutmalıyıq ki, bu halda Konstitusiya Məhkəməsi isə MSK-nın qərarından narazı qalan siyasi partiyaların nümayəndələrinin iştirakı ilə baxsın. Burada əlavə nəzərdə tutulmalıdır. Onsuz da Konstitusiya Məhkəməsi iş üzrə məruzəçi təyin edir. Həmin məruzəçi qərarın əleyhinə olan şikayətləri ümumiləşdirir və həmin vətəndaşların mövqelərini Konstitusiya Məhkəməsinin hakimlərinin diqqətinə çatdırır. Ona görə də mən hesab edirəm ki,  bu məsələ qanunda mütləq  öz əksini tapmalıdır. Başqa halda, dediyim kimi, faktiki olaraq, MSK-nın qərarından vətəndaşların şikayət etmək hüququ olmur. Belə olduqda vətəndaşlarımız Konstitusiya Məhkəməsinin qərarından Azərbaycan məhkəmələrinə müraciət etmədən birbaşa Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də, Oqtay müəllim, təklif edirəm ki, bu məsələləri öyrənək və qanun layihəsinə daxil edək. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, mən Konstitusiya üzrə mütəxəssis olmasam da, deməliyəm ki, təklif Konstitusiya Məhkəməsinə verilir və Konstitusiya Məhkəməsi qərar çıxarır. Nə fərqi var? O, qərarı  partiya ilə bir yerdə çıxaracaq, ya onsuz? Bu, prosedur məsələsidir.  Bu məsələni prosedur qaydasında həll edə bilərlər. Yoxsa  partiyalarla bir yerdə baxsaq, partiya məhkəmə deyil ki. Əgər təklifi Konstitusiya Məhkəməsinə göndəririksə, dediyiniz proseduru qanun şəklində yazmaq, mən də hesab edirəm ki, düzgün deyil. Deyəsən, Əli müəllimin əlavəsi var.  Buyurun.
Ə.Hüseynov. Cənab Sədr,  bu məsələ mətbuatda da çox geniş, amma yanlış şərh olunduğuna görə dəqiq bir aydınlıq gətirmək lazımdır. Birincisi, sadəcə, özü özlüyündə “müharibə şəraiti” anlayışı ilə iş düzəlmir. Ümumiyyətlə, referendumda edilmiş əlavə və dəyişikliklər o zaman işləməyə başlayır ki, birincisi, müharibə şəraitinin mövcudluğu, ikincisi, hərbi əməliyyatların aparılması, üçüncüsü, bu iki halın nəticəsində Milli Məclisə seçkilərin keçirilməsi mümkün olmasın. Bunu həmkarım Zahid Oruc çox dəqiq vurğuladı. Yəni 42 dairədə seçk keçirmək mümkün deyil. Deməli, ərazi o qədər işğal olunur və yaxud həmin ərazidə hərbi əməliyyatlar gedir. Ancaq bu üç hal birlikdə olanda Konstitusiyanın bu müddəası işləməyə başlayır. Onda Mərkəzi Seçki Komissiyası Konstitusiya Məhkəməsinə müraciət edir. Yəni, sadəcə, bir halda hərbi əməliyyatın aparılması ilə, yaxud Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı ola bilər və sair. Bu 3 hal birlikdə olanda Milli Məclisin və Prezidentin səlahiyyətlərinin uzadılması ilə bağlı müddəa işləməyə başlayır. Çox müstəsna bir haldır. Biz birmənalı əminik ki, belə bir prosedur Avropa ölkələrində var. Çox düzgün vurğuladılar ki, təəssüf, Venesiya Komissiyası fərqli qərarlar vermişdi. Amma bu prosedur Estoniyanın Konstitusiyasında var, Litvada, Yunanıstanda var. Həmkarlarım çox düzgün dedilər. Amma bu çox müstəsna haldır.
Əlavələrlə bağlı şərhim olmayacaq. Amma Qüdrət müəllim 53-1.2-ci və 53-1.6-cı maddələrlə bağlı fikirlərini dedi. Xüsusi vurğulamaq istəyirəm ki, bu, müstəsna bir hal olduğuna görə “Konstitusiya Məhkəməsi haqqında” Qanunda bu məsələlər dəqiq göstərilib. Aydındır ki, Konstitusiya  Məhkəməsinin qərarı dərc olunur, prosedur qaydaları var. Amma müharibə şəraiti, səlahiyyətin uzadılması müstəsna bir haldır. Konstitusiya Məhkəməsinin üzərinə qanunla belə bir vəzifə qoyulur ki, dərhal Prezidentə və Milli Məclisə bu barədə məlumat versin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 16.25 dəq.)
Lehinə                                                                       102
Əleyhinə                                                                       2
Bitərəf                                                                          0
Səs verməd                                                                  2   
İştirak edir                                                                  106  
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. Məlumdur ki, parlament bundan əvvəlki çağırışda “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanun qəbul etmişdi. Bunun da səbəbi məlum idi, çünki məhkəmə qərarlarının icrasında bir sıra problemlər mövcud idi. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında göstərildiyi kimi, 6-cı maddənin pozulması o halda da baş verir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra olunmayıbsa, deməli, ədalətli mühakimə hüququ pozulmuş hesab olunur. Bu gün bizim hüquq məkanında düşüncəmiz, anlayışımız bundan ibarətdir.
Bu baxımdan Azərbaycan məhkəmə orqanlarının, ümumiyyətlə, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi məhkəmə qərarlarının icrası da vacibdir. Buna görə parlament xüsusi bir qanun qəbul etdi, Ədliyyə Nazirliyində bir sıra tədbirlər görüldü. Məlumat üçün deyə bilərəm ki, bu gün məhkəmə qərarlarının icra səviyyəsi kifayət qədər yüksəkdir. Hətta faiz nisbətində təxminən məhkəmə qərarlarının 98 faiz vaxtında və dürüst icra olunur. Buna baxmayaraq, əlbəttə, ayrı-ayrı hallarda problemlər də mövcuddur. Təklif olunan əlavə və dəyişikliklərin əsas məqsədi məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının  fəaliyyətinin daha dürüst və dəqiq tənzimlənməsi ilə bağlıdır.
Bir sıra yeni anlayışlar təklif olunub. “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri, daha konkret olaraq, “icra məmurları” sözləri ilə əvəz olunur. İcra məmurlarının funksiyaları, vəzifələri və hüquqları yeni redaksiyada verilir. Eyni zamanda, “Məhkəmə qərarlarının icrası haqqında” Qanuna “icra qanunvericiliyinin prinsipləri” adlandırılan 1-1-ci maddə əlavə olunur. Həmin maddəyə uyğun olaraq icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik və ədalətlilik prinsiplərinə əsaslanır.
Cinayət Məcəlləsinin bir sıra maddələrində, o cümlədən 196-cı maddədə kreditor borclarını ödəməkdən qəsdən yayınmaya, 306-cı maddədə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə sanksiyalar da müəyyənləşdirilir.
Cəzaların İcrası Məcəlləsinə təklif olunan 178.2-ci və 178.7-ci maddələr cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin üzərində nəzarət mexanizmini daha dəqiq müəyyənləşdirir və gücləndirir. Təəssüf ki. bir sıra hallarda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin cəza çəkmələrində bir sıra nöqsanlar da mövcud olur. Bütövlükdə təklif olunmuş əlavələr və dəyişikliklər məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətini müasir tələblərə uyğun olaraq tənzimləyir. Ədliyyə Nazirliyinin müvafiq idarəsinin rəhbərliyi də Milli Məclisin iclasına dəvət olunub. Əlavə məlumatlar və suallar varsa, biz birgə cavablandırmağa  hazırıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bildiyiniz kimi, gündəlikdə 31 məsələ var. Əgər etiraz etmirsinizsə, reqlamenti 5 dəqiqə müəyyənləşdirək. Çıxışlara 8 nəfər yazılıb. Qabaqda Seçki Məcəlləsi var. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Biz bu gün vacib və aktual dəyişiklikləri müzakirə edirik. Söhbət  “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” və “Məhkəmə qərarlarının icrası haqqında” qanunların adının dəyişdirilməsindən və həmin kateqoriyadan olan insanların səlahiyyətlərinin genişlənməsindən, bütövlükdə məhkəmə icraçıları institutunun möhkəmləndirilməsindən gedir. Heç kim üçün sirr deyil ki, xüsusilə mülkiyyət məsələlərində məhkəmə qərarlarının icrası məsələsi hüquq mühafizə orqanlarının bəlkə də ən ağrılı və zəif yeridir. İnsanlar məhkəməni udur, qərar məhkəmə icraçılarına göndərilir. Amma bu qərar aylarla, bəlkə də illərlə həm obyektiv, həm də subyektiv səbəblərə görə icra olunur. Seçicilərimiz məktub və şikayətlərində belə problemləri dəfələrlə qaldırırlar. Biri cehizini, biri pulunu, biri də evini qaytara bilmir və sair. Ona görə də Cinayət Məcəlləsinin 196.1-ci, 196.2-ci, 306.1-ci və 306.2-ci maddələrində kreditor borclarını ödəməkdən qəsdən yayınma, məhkəmə hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə cərimələrin sərtləşdirilməsini məqsədəuyğun sayıram. Xüsusilə vəzifəli şəxsin məhkəmənin hökmünü, qərarını icra etməməsinə görə cəzaların sərtləşdirilməsi təqdirəlayiqdir.
Qanunlara dəqiqləşmələr və əlavələr edilir. Mənim Əli müəllimə bir qeydim və bir sualım var. O da qanunların adının dəyişdirilməsi ilə bağlıdır. Yəni “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanun  bundan sonra “İcra məmurları haqqında” Qanun, “Məhkəmə qərarlarının icrası haqqında” Qanun isə “İcra haqqında” adlanacaq. Başa düşürəm ki, müstəqil Azərbaycan dövlətində hüquqi terminlərin Azərbaycan dilində, onun normalarına uyğun şəkildə formalaşması prosesi gedir. Bu, başa düşüləndir. Məsələn, bir çox hüquqi terminlər kimi, “məhkəmə icraçıları” termini də sovet vaxtından qalmadır və yəqin, kalka kimi rus dilindən Azərbaycan dilinə köçürülüb. Biz belə terminləri tədricən dəyişdirməliyik. Lakin necə? Əvvəla, təzə termindir. Yəni “icra məmuru”  terminində qeyri-müəyyənlik var. Hansı məmur, hansı işlərin məmuru? “Məhkəmə icraçısı” terminində ünvanlılıq var idi. Təzə termində həmin ünvanlılıq itir. “Məmur” sözünə gəldikdə, adətən, dövlət orqanlarında, yəni icra aparatında, nazirlikdə, dövlət komitələrində işləyən əməkdaşlara “məmur” deyirik. Bunlar isə məhkəmə işçiləridir. Bir də ki, “məmur” sözü son zamanlar xalq arasında daha çox neqativ çalarlar daşıyır. Məsələn, Rusiyada da “məhkəmə icraçıları” termini dəyişilib. Onlar “məhkəmə pristavı” deyirlər. Bizdə də bu vəzifəni “icra müvəkkili” etmək olar, ya da daha konkret ad fikirləşmək mümkündür.
İkinci qeyd. Siz Qanunun adını dəyişdirirsiniz və “məhkəmə nəzarətçisi”, “məhkəmə icraçısı” dönüb “icra məmuru” olur. Onda nəyə görə bir çox maddələrin adlarında həmin insanların adları əvvəlki kimi qalır. Fikir verin, 1-ci maddədə ad dəyişir. Yəni köhnə ad belədir: “Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının vəzifələri”. Təklif olunan maddənin adı “İcra məmurlarının funksiyaları”. Maddənin mətnində də adlar dəyişir. 3-cü maddədə təklif olunan variantda ad eyni cür qalır. Yəni söhbət yenə də məhkəmə nəzarətçilərindən, məhkəmə icraçılarından gedir. Lakin mətnin özündə biz “icra məmuru” termini ilə rastlaşırıq.
Sonra, 5-ci və 6-cı maddələr gəlir. Adlar yenə də dəyişmir, əvvəlki kimi qalır. 7-ci və 8-ci maddələrin adlarında köhnə terminlər təzə terminlə əvəzlənir. Mən başa düşə bilmirəm, nəyə görə  bir maddənin adında təzə termin işlənilir, o birilərində isə əvvəlki kimi qalır? Bu, diqqətsizlikdən irəli gəlir, ya başqa səbəbdən? Eyni qeyd ikinci Qanunun təzə adı ilə bağlıdır. Təzə ad belədir: “İcra haqqında”.  Hansı icra, nəyin icrası? Köhnə adın, yəni “Məhkəmə qərarlarının icrası haqqında”nın nəyi pis idi? Konkretlik var idi, ünvanlılıq var idi. Təzə adlar isə camaatı çaşdıracaqdır. Xahiş edirəm, mənim suallarıma aydınlıq gətirəsiniz. Ümumiyyətlə, Qanuna təklif olunan başqa dəyişiklikləri bəyənirəm və onların lehinə səs verəcəyəm. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Elmira xanım, Sizin 3-cü maddə ilə bağlı dediyiniz uyğunsuzluqlar artıq aradan qaldırılıb, kompüter arayışında var. Sadəcə olaraq, səhv gedib və artıq düzəldilib.  Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mənim də təklifim bununla əlaqədardır ki, bundan sonra “icra məmuru” adlandırılan məhkəmə icraçılarının fəaliyyəti “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunla tənzimlənir. Mənə elə gəlir ki, məmur onsuz da icra ilə məşğuldur. “Dövlət qulluğu haqqında” Qanunda da bu məsələ öz əksini tapıb ki, məmur elə icra ilə məşğuldur. Ona görə “icra məmuru” ola bilməz.  Bu baxımdan mən təklif edirəm ki, onların fəaliyyəti “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunla tənzimləndiyi üçün onların adları “ədliyyə məmurları” olmalıdır. “Ədliyyə məmurları” ifadəsi mənanı tam əhatə edir. Çünki “icra məmurları” ifadəsi bir az qüsurludur. Burada baş ədliyyə məmuru və ədliyyə məmurları var, xahiş edirəm, bu məsələyə baxaq və bu cür adlandıraq. Bir daha buyururam ki, “icra məmuru” ola bilməz. Ümumiyyətlə, bu, anlaşılmaz bir məfhumdur, söz birliyidir, məna ifadə etmir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, müzakirəyə təqdim edilmiş qanun layihəsi təkmilləşdirilməsi vacib sayılan qanunvericilik aktlarındandır. Layihədə nəzərdə tutulan əsas dəyişikliklər “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası qanunlarının adlarının dəyişdirilməsi ilə, habelə hər iki qanunun mətnində müəyyən sözlərin dəyişdirilməsi ilə bağlıdır. Bundan başqa, müvafiq qanunlara bir sıra əlavələrin edilməsi də nəzərdə tutulmuşdur. Bu da icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi, onların vəzifələrinin və hüquqlarının bir qədər də konkretləşdirilməsi ilə əlaqədardır. Göstərilən dəyişikliklər və əlavələrlə bağlı qısaca fikrimi bildirmək istərdim.
“Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanunun yeni redaksiyasında verilən 8-ci maddənin beşinci abzasında qeyd olunur ki, icra məmurlarının zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və ya otaqlarda da həyata keçirmək hüququ vardır. Bu müddəa yeni olmasa da, hesab edirəm ki, burada işlədilən “zəruri hallarda” sözləri vacib bir məsələdə həddən artıq qeyri-konkret bir ifadədir. Onun bu qaydada işlədilməsi çoxlu narahatlığa, mübahisələrə, məhkəmə çəkişmələrinə səbəb olmaqla yanaşı, neqativ halların baş verməsi üçün böyük imkanlar yaradır.
Eyni zamanda, “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 12-ci maddəsində əlavə edilməsi nəzərdə tutulan “müstəsna hallar” sözlərindən nəinki bu Qanunda, ümumiyyətlə, bütün qanunlarda imtina edilməlidir. Çünki hər hansı bir vəziyyət bir məqamda zəruri hal və ya müstəsna hal, digərində isə adi hal sayıla bilər. Bu ifadənin konkret meyarı yoxdur. Bununla əlaqədar təklif edirəm ki, hər iki halda “zəruri” və “müstəsna” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi” sözlər əlavə edilsin.
Digər bir uyğunsuzluq, hesab edirəm ki,  “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 12.1-ci maddəyə əlavə edilən ikinci cümlə ilə 16.2-ci maddənin yeni redaksiyası arasında mövcudluqdur. Belə ki, 12.1-ci maddədə əlavə olunan ikinci cümlədə göstərilir ki, icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən bir ay  müddətinədək uzadıla bilər. 16.2-ci maddənin  yeni redaksiyasında göstərilir ki, icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Əvvəla, burada icra hərəkətlərinin hansı müddətə təxirə salınması müəyyən edilmir. 12.1-ci maddəyə görə icranın bir ay müddətinə uzadılması icra xidmətinin rəhbərinin səlahiyyətindədir. 16.2-ci maddəyə görə isə icranın qeyri-müəyyən müddətə təxirə salınması icra qurumunun rəhbərinin səlahiyyətinə aiddir. Ona görə də hesab edirəm ki, 16.2-ci maddədə müvafiq dəyişiklik edilməsinə ehtiyac vardır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə məhkəmə qərarlarının vaxtında və tam yerinə yetirilməsində təqsirkar olan şəxslərə qarşı daha ciddi cəza tədbirlərinin nəzərdə tutulması, şübhəsiz ki, bir tərəfdən icra məmurlarının öz vəzifələrini layiqincə yerinə yetirməsinə, digər tərəfdən isə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına kömək edəcəkdir. Mən bu qanun layihəsini bəyənirəm, ona səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.  
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B.Tağıyev. Hörmətli millət vəkilləri, müzakirə olunan qanun layihəsi haqqında demək istərdim ki, layihəni hazırlayan insanlar, doğrudan da, operativ işləyiblər. Çünki qanun layihəsinin bizə paylanan variantında 1-ci maddədə göstərilən dəyişikliklər artıq 5-ci, 8-ci, 10-cu, hətta 19-cu maddələrdə də var. Qısa müddət ərzində kompüterdə dəyişiklik olunmuşdur. Mən bunu alqışlayıram. Hamınızı da bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Baba müəllim, çox konstruktiv təklif verdiniz, təşəkkür edirəm. Gülər Əhmədova.
G.Əhmədova. Sağ olun, təşəkkür edirəm. Güman edirəm, hər kəs hiss etdi ki, adı “icra məmuru” olan Ədliyyə Nazirliyinin idarəsinin əməkdaşlarının hüquq və vəzifələri kifayət qədər genişlənir və onlara çox böyük vəzifələr tapşırılır, çox böyük hüquqlar verilir. Bir müddət bundan öncə məhkəmə qərarlarının həyata keçirilməsində yaranan əsas problemlərdən biri məhz icra məmurları ilə bağlı idi. Çünki bir çox hallarda Qanunda onların görə biləcəyi hər hansı konkret addımlara imkan yaradılmamışdır. Amma qəbul edəcəyimiz, səs verəcəyimiz bu layihədə isə bəzi hallarda bəlkə də bu xidmət üçün həddindən artıq böyük imkanlar yaradılır. İmkanların yaradılması, məncə, problem deyil. Onlar üçün bu imkanları hansı səviyyədə yaratmaqdan söhbət gedir. Məsələn, bir neçə misal çəkmək olar. Mən vaxtın azlığını nəzərə alaraq iki məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Birinci məsələ, şübhəsiz ki, alimentlərlə bağlıdır. Bu aliment məsələsi təkcə Azərbaycanda deyil, Rusiya Federasiyasında, habelə digər ölkələrdə də məhkəmələrin çıxardığı qərarların icrasında kifayət qədər ciddi problem yaradan bir məsələdir. Mənə belə gəlir ki, Əli müəllim bu məsələləri çox gözəl və dərindən bilən bir hüquqşünasdır. Bu məsələlərdə, məncə, bu gün ən real addımlar Rusiya Federasiyasında atılıb. Çünki həm Rusiya Federasiyasında, həm də Azərbaycanda bəzi hallarda insanlar göstərirlər ki, onların heç bir gəliri yoxdur. Amma, əslində, onlar iş adamlarıdır. Bu iş adamlarının gəlirlərinin hansı səviyyədə olması haqqında bəzən məhkəməyə elə arayışlar təqdim olunur ki, guya onlar orta səviyyədən də aşağı səviyyədə yaşayan insanlardır. O baxımdan bizim alimentlərlə bağlı verdiyimiz qərarın özündə də çox maraqlı bir məqam var. Yazılır ki, məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən məbləğə uyğun  olaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada borclar müəyyən edilir. Mənə belə gəlir ki, burada bayaq qeyd etdiyim həmin real vəziyyəti də nəzərə almaq mümkün idi.
İkinci deyəcəyim məsələ isə zəruri hallarda mənzilə daxil olmaq məsələsidir. Ən maraqlısı isə tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltməklə bağlıdır. Bunu necə araşdıracaqlar, necə biləcəklər? Tutaq ki, mənə bir qohumumun ödəniləcək məbləği var. Sabah o deyə bilər ki, şər atır. Deyər ki, pullarımı borc vermişəm, xalam qızındadır və yaxud əmim oğlundadır. Onda belə çıxır ki, digər şəxslərdə olan pul məbləğini və əmlakı almaq üçün gəlib həmin adama deməlidirlər ki, səndə bu kişinin pulu var, bu şəxs sənə evini bağışlayıb və yaxud ata-baba yurdu səndədir. Mənə belə gəlir ki, bu, praktikada problem yaradacaq. Ona görə də hər halda konkret bu məsələ ilə məşğul olan şəxslərlə məsləhətləşmə aparmaq mümkün idi. Burada biz bir çox hallarda günahı olmayan insanların hüquqlarını poza bilərik.
Bayaq qeyd etdiyim kimi, məhkəmələrdə bir çox məsələlərdə hətta “ata-baba yurdu”, “ata mülkümüz” kimi ifadələr işlənir. Ona görə də nəzərdə tutulan borclu, sadəcə, bu məsələyə heç bir dəxli olmayan yaxın qohumlarını da daxil edə bilər. Həmin insanlar da məhkəmənin subyektinə çevrilə bilərlər. Ümumiyyətlə, mən hesab edirəm ki, burada kifayət qədər yeniliklər var. Vaxtımız azdır. Amma bir çox məsələlər var ki, məncə, yenidən diqqətlə araşdırsaydıq, çox gözəl olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A.Həsənov. Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Müzakirəmizə təqdim olunan “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışmaq istərdim. Qeyd olunan qanunlara edilən əlavə və dəyişikliklər sırasında diqqəti daha çox “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu cəlb edir.
Məlum məsələdir ki, ədalət mühakiməsinin səmərəliliyini təmin edən əsas amillərindən biri qəbul edilmiş məhkəmə aktlarının icra olunmasıdır. Başqa sözlə, məhkəmənin qəbul etdiyi qərar icra olunmursa, onun qəbul edilməsinin, yəni ədalət mühakiməsinin həyata keçirilməsinin mənası qalmır. Bu baxımdan “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə verilən dövlət təminatına xeyli dərəcədə müsbət təsir göstərir.
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə edilmiş əlavədə göstərilir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məlumdur ki, Mülki-Prosessual Məcəlləyə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələri elan olunduğu andan qüvvəyə minirdi. Lakin Mülki-Prosessual Məcəlləyə edilən dəyişikliklərə əsasən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamələrdən kassasiya şikayəti verildiyi halda kassasiya instansiyası məhkəməsinin qərarı qüvvəyə minirdi. Belə olan halda məhkəmə icraçılarının apellyasiya instansiyası məhkəməsinin qətnamələrini icra edirlər ki, nəticədə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin qətnamələrini ləğv etdiyi halda ciddi problem yaranırdı. Lakin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə edilmiş əlavə bu problemi tamamilə aradan qaldırır.
Digər halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən əlavə və dəyişikliklə məhkəmə qərarının icra olunmasına görə məsuliyyət tədbirlərinin ciddiləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hazırkı dəyişikliyə əsasən, vətəndaşlarla yanaşı, vəzifəli şəxslərə münasibətdə cəza tədbirləri xeyli sərtləşdirilib. Hazırkı Cinayət Məcəlləsi ilə qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməməyə görə vəzifəli şəxslər 3 il müddətinə azadlıqdan məhrum edilə bilərdisə, hazırkı dəyişikliklərə əsasən bu müddət 5 ilə qədər artırılıb. Nəzərə alsaq ki, məhkəmə aktlarının icra olunmaması faktlarına daha çox vəzifəli şəxslərə münasibətdə təsadüf edilir, bu halda cinayət qanunvericiliyinə edilən bu dəyişikliyin məhkəmə qərarlarına hörmətsiz yanaşan şəxslərə təsir edəcəyi şübhə doğurmur.
“Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası  haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən görünür ki, məhkəmə qərarlarının icrasına dair tələblər İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə sərtləşdirilib. Hesab edirəm ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün qanunvericiliyin tələblərinin sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Bu baxımdan geniş ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması məqsədəmüvafiq olardı. Ümumiyyətlə, beş normativ hüquqi akta edilən eyniməzmunlu dəyişikliyi müsbət qiymətləndirirəm və həmkarlarımı da dəyişikliklərin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox təşəkkür edirəm. Mən xahiş edirəm, ağsaqqalın sözünə qulaq asaq və bu təkliflərə səs verək. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr                             (saat 16.51 dəq.)
Lehinə                                                                           100
Əleyhinə                                                                           0
Bitərəf                                                                              0
Səs verməd                                                                      0   
İştirak edir                                                                      100  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Əleyhinə yoxdur, çox təşəkkür edirəm.
Hörmətli deputatlar, nəzərə alaq ki, bizim gündəlikdə xeyli məsələlər var. Mən təklif edirəm, o biri məsələləri sonrakı iclaslara saxlamaq da olar, amma aktual əhəmiyyət kəsb edən məsələlərdən biri Seçki Məcəlləsinə dəyişikliklərdir. Əgər etiraz yoxdursa, birbaşa keçək 10-cu məsələyə. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarım! Məlumat üçün bildirmək istəyirəm ki, bir müddət öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bir qrup millət vəkili – Əli müəllim Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov, Musa Quliyev və digər millət vəkilləri qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Milli Məclisə Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi təqdim etmişlər. Bu qanun layihəsi ilk növbədə seçki prosesinin müasir dövrdə daha da təkmilləşdirilməsi, seçki resurslarından daha səmərəli istifadə edilməsi və seçkilərdə sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş bir layihədir. Qanun layihəsi bu ayın 9-da Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Seçki Məcəlləsinə təklif edilən dəyişiklikləri şərti olaraq iki hissəyə bölmək mümkündür. Birincisi seçki müddətlərinin qismən azalması ilə bağlı təklifdir. Bilirsiniz ki, Seçki Məcəlləsi 2003-cü ildə qəbul olunarkən daha çox müddət verilirdi, çünki Seçki Məcəlləsinin məqsədi bütün seçkiləri həyata keçirən vahid bir seçki administrasiyasının yaradılması ilə bağlı idi. Buna qədər Azərbaycanda seçkilər – Prezident seçkiləri, parlament seçkiləri ayrı-ayrı qanunlarla tənzim olunurdu. Amma vahid bir məcəllə qəbul edildi. Təbii ki, o zaman seçki komissiyaları da yenidən formalaşdırıldı. Yeni məcəllə ilə formalaşan seçki komissiyaları bu seçkiləri qısa zaman çərçivəsində təşkil etməyə tam hazır deyildi. Sonradan seçki təcrübəsi, praktikası təkmilləşdikcə, seçki komissiyalarının maddi-texniki təminatı artdıqca müxtəlif təkliflər oldu. Seçki Məcəlləsinin ilk redaksiyadakı 4 ay müddəti sonradan 90 günə, daha sonra 75 günə qədər azaldıldı. Hazırda təklif olunur ki, bu müddət 60 günə qədər azaldılsın.
Əlbəttə, mən burada beynəlxalq təcrübəyə istinad edə bilərəm. Burada Qərbi Avropa ölkələrini sadalamayacağam, çünki opponentlər deyə bilərlər ki, bunlar bir qədər fərqli və daha inkişaf etmiş ölkələrdir. Amma bir-iki ölkəni misal çəkə bilərəm. Məsələn, qonşu Gürcüstanın Seçki Məcəlləsində həmkarlarımın və bizim komitənin təqdim etdiyi kimi, 60 gün nəzərdə tutulub. Şərqi Avropa ölkələrinin birində, misal üçün, Macarıstanda Prezident seçkiləri üçün 45 gün nəzərdə tutulub. Yəqin hamınız razılaşarsınız ki, bu gün Azərbaycanın iqtisadi imkanı, inkişafı  heç bir ölkə ilə müqayisə oluna bilməz. Amma demək istəmirəm ki, biz hansı isə beynəlxalq təcrübəni əsas götürürük. Həmkarlarımın və komitənin mövqeyi də bundan ibarətdir ki, hazırda Azərbaycanda seçki administrasiyası, seçki komissiyaları seçkiləri daha qısa müddətdə, amma eyni peşəkarlıqla, şəffaf və demokratik həyata keçirmək imkanına malikdirlər.
Bu gün məlumat üçün deyə bilərəm ki, bütün seçki dairələri üçün ya yeni binalar tikilib və ya onlar əsaslı təmir olunublar. Təbii ki, seçki marafonu müddətinin 60 günə qədər azaldılmasından irəli gələrək digər müddətlərdə də dəyişikliklər olunmalıdır. Misal üçün, dairə seçki komissiyalarının təşkili müddəti 60 gündən 50 günə qədər, hərbi hissələrdə məntəqələr üzrə seçicilərin sayının təsdiq olunması 25 gündən 20 günə qədər azaldılmışdır. Yəni əsas müddətdən asılı olaraq digər müddətlər də azaldılır. Amma qeyd etmək istəyirəm ki, bütövlükdə seçki marafonunun müddəti 15 günə qədər azaldılsa da, seçki təbliğatı üçün nəzərdə tutulan müddətin cəmi 5 gün azaldılması təklif olunur.
Eyni zamanda, fürsətdən istifadə edib demək  istəyirəm ki,  müasir şəraitdə, yəni müasir informasiya texnologiyalarının, kütləvi informasiya vasitələrinin kifayət qədər inkişaf etdiyi, regional televiziyaların fəaliyyət göstərdiyi bir ölkədə bu müddət də təbliğat üçün kifayət qədər böyük bir müddətdir.
İkinci blok, belə demək mümkündürsə, təklif və dəyişikliklər isə maliyyə məsələləri ilə bağlıdır. Məcəllədən 128.2.2, 156.2.3-cü maddələrin çıxarılması təklif olunur. Bildiyiniz kimi, bu maddələr seçki dairələri tərəfindən namizədlərə ayrılan pul vəsaitləri ilə bağlıdır. Eyni zamanda, hamımıza məlumdur ki, seçkilər dövlət tərəfindən maliyyələşdirilir. Dövlət seçki prosesinin təşkili üçün avadanlıqların ayrılması ilə bərabər seçki bülletenlərinin hazırlanması, namizədlərlə bağlı bir sıra sənədləşdirmənin aparılmasını maliyyələşdirir. Belə olan halda hər hansı namizədə dövlət tərəfindən əlavə vəsaitin verilməsinə, düşünürük ki, artıq ehtiyac qalmayır.
Birincisi, hər bir namizəd üçün ayrılan vəsait böyük məbləğ deyil, təxminən 220 manatdır, ümumilikdə isə dövlət büdcəsi üçün əhəmiyyətli bir rəqəmə çevrilir. Əlbəttə, həmkarlarım bunu müdafiə məqsədi ilə  bir sıra digər dəlillər də göstərirlər. Amma qeyd etmək istəyirəm ki, keçmiş seçkilərdə seçicilərin səsinin 3 faizindən artığını toplaya bilməyən namizədlər tərəfindən, təəssüf, bu zamana qədər həmin vəsaitlər qaytarılmayıb. Həm də seçki təcrübəsi onu göstərir ki, bu prosesə seçilmək hüququndan istifadə etmək məqsədi ilə yox, bəzən ehtiyacları təmin etmək məqsədi ilə qoşulurlar.
Hörmətli həmkarlarım, bu təşəbbüs mənim də üzvü olduğum Yeni Azərbaycan Partiyası tərəfindən qaldırılıb. Məlumat üçün demək istəyirəm ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində parlamentdə təmsil olunan partiyaların tam yarısı – 4 siyasi partiya təmsil olunur. Eyni zamanda, heç bir siyasi partiyanın üzvü olmayan millət vəkilləri təmsil olunurlar. Qeyd etmək istəyirəm ki, komitənin bütün üzvləri təklif olunan bu əlavə və dəyişiklikləri dəstəklədilər. Eyni zamanda, demək istəyirəm ki, bu təkliflər vaxtilə ayrı-ayrı siyasi partiyalar, o cümlədən bizim komitədə təmsil olunan siyasi partiyalar tərəfindən də verilmişdir. Bizim komitənin mövqeyi bundan ibarətdir ki, əlavə və dəyişikliklər müasir dövrdə seçki prosesinin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Ona görə də millət vəkillərindən, həmkarlarımdan bu dəyişiklikləri dəstəkləməyi və bunlara  səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, sağ olun, təşəkkür edirəm. Yevda müəllimdən mənə bir təklif gəlib. O, xahiş edir ki, çıxışlar üçün 5 dəqiqə ayıraq, çünki danışmaq istəyən çoxdur. Beş dəqiqə vaxt versək, hamı danışa bilər. Bu təklifi səsə qoymağa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, 5 dəqiqə. Zahid Orucov.
Z.Orucov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri! Mən birinci bu dəlili səsləndirmək istəyirəm ki, həmin təklifləri bir çoxları, hətta hakimiyyətin mövqeyini dəstəkləməyənlər də müdafiə edə bilərlər. Bunu sonra əsaslandırmağa çalışacağam. İş orasındadır ki, hər bir qanunvericilik sistemi özündən sonrakı dönəmdə hakimiyyət uğrunda mübarizənin real vəziyyətini müəyyənləşdirir və ümumiyyətlə, siyasi sistemin gələcək formasını təyin edir. Məsələn, həqiqətən də, qanunvericilik sistemini elə qurmaq olar ki, seçki müddəti 6 aya qədər uzadılsın. Məsələn, Amerikadakı səsvermə sisteminə görə bu müddət 1 ilə qədər gəlib çıxır. Bu halda tamam fərqli vəziyyət yaranır. Azərbaycanda bunu 6 ay da seçmək olardı. Bu halda yüzlərlə partiyanın yaradılması üçün şərait formalaşdırmış olacağıq. Bu əlavə və dəyişiklikləri bir cümlə ilə ifadə etmək lazım gəlsə, mən deyərdim ki, Azərbaycanda güclü partiyalar sistemi qurulacaqdır.
Sizə açığını deyirəm və ən fundamental fikir bunu sayıram. Amerika Birləşmiş Ştatlarında parlament seçkilərinin məhz majoritar qaydada aparılmasından sonra ötən yüz illiklər ərzində formalaşmış iki güclü partiya vardır. Britaniyada da elədir, yəni orada da mühafizəkarlar və leyboristlər partiyaları var, bu dəfə liberal demokratlar da onlara qoşuldular, amma əsasən iki qüvvə dominantlığı təşkil edir. Bu qanunun qəbul ediləcəyi təqdirdə, hesab edirəm ki, Azərbaycanda da, bu, əlbəttə, mənim subyektiv mövqeyimdir, digər siyasi qüvvələr öz imkanlarını müəyyən partiyalar ətrafında birləşdirəcəklər və iki güclü partiya formalaşmış olacaq. Bu isə o demək deyil ki, digər qüvvələr siyasi meydandan silinəcəkdir, onlar fəaliyyətlərinə son verəcəklər. Yenə də bəyanat partiyaları, kabinet partiyaları qala bilər. Amma seçkilərdə uğur qazanmaq üçün onlar imkanlarını birləşdirməlidirlər. Bu qanun seçki mübarizəsində qüvvələri inteqrasiyaya vadar edəcəkdir. Birinci, ən ciddi fikrim bunu söyləməkdir.
İkinci, burada hörmətli Əli müəllim müxtəlif ölkələrdən nümunələr gətirdi. Mən mediada bu məsələ ilə bağlı əks dəlillər gətirənlərin nöqteyi-nəzərlərini diqqətlə izləmişəm. Onlar ekranlardan “belə nümunələri gətirməyin, ona görə ki, onlarda ölkədaxili şərait, seçkiyəqədərki mühit və filan ayrıdır” deyərək çıxış edirlər. Amma özləri həmin nümunələri gətirib bu layihənin əleyhinə çıxış edirlər. Mən Britaniyadan nümunə gətirə bilərdim. Çoxmilyonlu seçici ordusuna malik olan bir ölkədə keçmiş Baş nazir Qordon Braun kraliça ilə görüşür və seçkilər bir ay ərzində gedir. Çoxmilyonlu seçici kütləsi bu proseslərdə iştirak edir.
İndi Rusiyanı nümunə kimi göstərmək çox da dəbdə deyil. Orada bu müddət 29 gündən ibarətdir. 109 milyon seçicini əhatə edir. Gürcüstanı hörmətli Əli müəllim qeyd etdi. Bədnam Ermənistanda həmin müddət 26 gündür. Bu ölkələrin hər birində seçkilər fərqli şəkildə keçirilir. Mənim aləmimdə bu gün konkret, dəqiq, demokratik bir norma qəbul etmək istəyən üçün belə bir nümunə ortalığa qoyula bilər. 23 gün 35 min seçicini əhatə eləməyə imkan verir, yoxsa yox? Tamamilə verir. Seçki praktikasına söykənərək deyə bilərəm ki, namizədlər təbliğat dövrünün yarısını gözləyirdilər, ancaq sonra burada, paytaxt səviyyəsində təbliğat başlanırdı. Real seçici ayağına getmək isə yalnız 10-15 günə hesablanırdı. Ona görə mən hesab edirəm ki, buradakı müddəaların əleyhinə ciddi hüquqi, siyasi dəlillərlə çıxış etmək mümkün deyil. Hakimiyyət narahatdır, kimdən isə çəkinir və sair kimi iddiaları mən ciddi saymıram. Vaxtımın başa çatmasına az qalıb.
Mən düşünürəm ki, 200 manat məsələsinə də münasibət bildirmək çox yerinə düşərdi. Ümumiyyətlə, seçkiləri, namizəd olmağı  200 manatlıq bir layihə kimi qiymətləndirmək çox yanlış bir yanaşmadır. Burada qeyd edildi ki,  keçmişdə məhz bunun üçün də namizədliyini irəli sürənlər olublar. Bu vəsaitlərin geri qaytarılması üçün  məhkəmə iddiası böyük məsrəflərə səbəb olurdu. Kimsə belə nəticə çıxarmasın ki, müəyyən imkanı olanlar seçkiyə qoşulmalıdırlar. Yox, seçki normal, bərabər mübarizədir və hər vətəndaşın buna haqqı var. Amma təşkilati, texniki və sair kimi işlərin yerinə yetirilməsi müəyyən məsrəflər də tələb edir. Bunu da inkar etmək olmaz. Ona görə mən bu normanın da lehinəyəm. Seçki müddətini demokratiyanın ömrü ilə bərabərləşdirmək çox yanlış bir mövqedir. Demokratiyanın ömrü, zamanı seçki dövrü ilə eyniləşdirilməməlidir. Azərbaycanda normal quruculuq prosesləri getməkdədir. Mən bu layihəyə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Seçki Məcəlləsinə edilən növbəti əlavə və dəyişikliklərin birmənalı şəkildə əleyhinəyəm. Müsavat deputat qrupu bunun əleyhinə səs verəcəkdir. Bunun səbəbi, istəyirəm, kifayət qədər aydın olsun. Bundan sonra bu dəyişikliklərin tərəfdarları kimi çıxış edən deputatlar məsələyə aydınlıq gətirsinlər.
Birincisi, biz nəyə görə bunun əleyhinəyik? Nə baş verib? Bu suala cavab verilsin. 2008-ci ilin mayında 75 gün oldu 120 gün. Bundan sonra nə aydın olub, nə meydana çıxıb ki, seçkilərə iki-üç ay qalmış Yeni Azərbaycan Partiyasının deputatları tələm-tələsik belə bir dəyişikliklə çıxış eləyiblər. Bu birinci, yəni bunun konkret aydın izahı yoxdur.
Burada Gürcüstandan və digər ölkələrdən nümunələr gətirilir. Əgər elədirsə, bütün müqayisələri biz aparaq. Gürcüstanda müxalifətin, faktik olaraq, televiziyası vardır. Azərbaycanda bu sahədə vəziyyətin necə olduğunu bilirsiniz. Gürcüstanda Prezident Adminstrasiyasının qarşısında, Tiflisin əsas meydanında aylarla kütləvi aksiyalar keçirildi və onlara heç kəs müdaxilə etmədi.  Bu, demokratik bir hal kimi tanındı. Sərbəst toplaşma azadlığı seçki kampaniyasının çox mühüm tərkib hissəsidir. Ən mühüm tərkib hissələrindən biridir. Hansı vəziyyətdədir, görürsünüz. Gürcüstanda müxalifətdə olan kütləvi informasiya vasitələrinin iqtidarda olan kütləvi informasiya vasitələrindən həm sayı, həm də təsir imkanları daha çoxdur. Təbii ki, seçki kampaniyasına bu da öz  təsirini göstərir.
Nəhayət, mən mühüm məsələyə, maliyyə məsələsinə də toxunmaq istəyirəm. Hörmətli Əli müəllim, yəqin ki, bu suala cavab verəcək. Gürcüstanda bu vəziyyət hansı şəkildədir? Seçki hüququ əsas insan hüquq və azadlıqlarından biridir. Hər hansı bir şəxs tutulursa,  məhkəməyə verilirsə, dövlət  özünün müəyyən imkanlarına uyğun olaraq onun vəkillə müdafiəsini təmin eləyir. Əsas insan hüquqlarından biri olan seçki hüququna da dövlət tərəfindən minimal da olsa, zəmanət verilməlidir. Bir daha təkrar edirəm, əks təqdirdə şikayətlər olacaqdır. Seçki hüququnun təmin olunmaması, seçki hüququna dövlət tərəfindən təminat verilməməsi məsələsi ciddi bir dəlil şəklində seçki hüququnun məhdudlaşdırılması kimi başa düşüləcəkdir.
Niyə bu məsələnin üzərində dayanıram? Söhbət 200 və yaxud 300 manatdan və kimlərinsə seçkiyə yalnız bu 200 manata görə qoşulmasından getmir. Təkrar edirəm, ümumi insan hüquq və azadlıqlarının təminatı üçün bəzən hətta fəsadları nəzərə alınmaqla bu addımı atmaq lazım gəlir. Əslində, biz gözləyirdik ki, dövlətin siyasi proseslər, demokratiya üçün çox vacib olan məsələlərin maliyyələşdirilməsinin səviyyəsi artacaqdır. Məsələn, Türkiyədə yalnız seçkidə iştiraka görə xatırlayıram, hakim partiya təxminən 300 milyon dollar, 15-20 milyon da ikinci partiya yardım aldı. 2008-ci ildən başlayaraq depozitin ləğv edilməsi, küçələrdə, binaların divarlarında və sair yerlərdə təşviqatın qadağan edilməsi, sərbəst toplaşma azadlığının ciddi şəkildə məhdudlaşdırılması, heç bir müstəqil və ya müxalifətçi efir məkanının olmaması ona gətirib çıxarır ki, seçkilərə 3 ay qalmış hazırlıq müddəti 15 gün azaldılır. Bu isə vəziyyəti növbəti, 2010-cu il seçkilərinin məhdudlaşdırılması kimi qiymətləndirməyə bizi vadar edir.
Mənim mövqeyim nədən ibarətdir? Mən hesab edirəm ki, Azərbaycan seçicisinin ən azı 50 faizi Azərbaycan müxalifətinin namizədlərinə səs verəcəkdir. 2005-ci ildə müstəqillər  və müxalifət deputatları Yeni Azərbaycan Partiyasının namizədlərindən daha çox, 700 min səs aldı. Rəsmi rəqəmlərə görə Yeni Azərbaycan Partiyası 500 minə qədər səs aldı. Təkrar edirəm, bu dəyişiklikləri seçki hüququnu məhdudlaşdıran, bu seçkinin demokratik olmasını indidən şübhə altına alan və heç şübhəsiz, seçkilərin nəticəsinə təsir göstərən mənfi bir addım, norma, qayda kimi dəyərləndiririk. Biz bu qanun layihəsinin əleyhinəyik. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim edilmiş qanun layihəsi ilə, yəni Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı üzvü olduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fikirlərimi söyləmişəm. Bu gün bir daha təkrarlamaq istəyirəm ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatları tərəfindən müzakirəmizə təqdim edilən bu dəyişiklik mütərəqqi dəyişiklikdir və Seçki Məcəlləsinin təkmilləşdirilməsinə xidmət edir. Bununla bağlı Əli Hüseynov kifayət qədər dəlillərlə fikirlərini əsaslandırdı. Ümidvaram ki, dəyərli millət vəkilləri məhz Əli Hüseynovun fikirlərini əsas gətirəcəklər. Pənah Hüseynin heç bir dəlilə söykənməyən, sadəcə, siyasi xarakter daşıyan çıxışlarını isə diqqətlərinə almayacaq və bu dəyişikliyə səs verəcəklər.
Söhbət nədən gedir? Söhbət  zamanın məhdudlaşdırılmasından, vaxta qənaətdən gedir. Həm də söhbət ondan gedir ki, Konstitusiya Azərbaycanın bütün vətəndaşlarının bələdiyyə, parlament və Prezident seçkilərində iştirak etmələrinə imkan verir. Bu hər bir Azərbaycan vətəndaşının konstitusiya hüququdur. Parlament kimi ciddi bir quruma, Prezident kimi böyük, ciddi bir instituta kimlər öz namizədliklərini verirlər? Bir qayda olaraq, daha çox, belə deyək, kimlər özlərini şanslı bilirlər? O adamlar ki onlar cəmiyyətdə kifayət qədər tanınırlar, peşəkar siyasətçi, hüquqşünas, iqtisadçı, sosioloq, ictimai xadimdirlər. Cəmiyyət onların əksəriyyətini tanıyır və onların xüsusi olaraq 60 gün, 1 və ya 3 ay seçki platforması ilə çıxış edərək tanınmaqlarına ehtiyac yoxdur. Ən azı konkret dairədəki seçicilərin təxminən 60 faizi onun nəslini, kökünü, özünü tanıyır. Beləliklə, onun platformasının təqdimatı kifayət qədər böyük vaxt tələb etmir. Bir qayda kimi sayı 42-45 olan seçki məntəqəsində 20 gün ərzində görüş keçirmək, faktik olaraq 40-45 məntəqəni tamamilə əhatə etmək mümkündür. Burada da problem yoxdur.
Bundan başqa, kütləvi informasiya vasitələri var. Buyur, qəzetlərdə, radioda, televiziyada çıxışlarınla seçicilərin diqqətini özünə cəlb elə və sair. Deməli, burada problem yoxdur. Sadəcə, məlum bir ənənə var. Bu gün Azərbaycan iqtidarının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu hər hansı bir mütərəqqi təklif, fikir, dəyişiklik, bir addım varsa, sadəcə olaraq, Müsavat qrupu bunun əleyhinə getməlidir, çünki bu onun riskidir, fəaliyyətinin başlıca xəttidir, onların söykənmiş olduqları prinsiplərdir. Görünür, onlar evdən belə dərs alırlar və onlara deyirlər ki, gedin, Milli Məclisdə belə hərəkət edin. Ona görə mən düşünürəm ki, Milli Məclisə seçilmək istəyən deputatlar həmin zaman kəsiyindən özlərini təqdim etmək və tanıtmaq üçün istifadə etməli deyildirlər. Yəni Milli Məclisə seçkilər tanıtma mərasimi deyil. Buraya elə adamlar seçilə bilirlər ki, onlar artıq kifayət qədər tanınırlar və onların seçilmək şansları yüksəkdir.
Maliyyə ilə bağlı məsələ ilə, düşünürəm, hər birimiz kifayət qədər rastlaşmışıq. Çox sadələşdirilmiş bir formada namizədlik irəli sürülür, şəxs qeydiyyata alınır, 200 manatını alır, gedib başqa işlə məşğul olur. Bu cür hallarla da rastlaşmışıq. Seçkilərin demokratik keçirilməsi öz töhfəsini vermir. Əksinə, şanslı namizədlər arasında ən müxtəlif maraqların təmin olunması üçün bir manevr edilir, seçkilərdən alver məqsədilə istifadə etməyə çağırışlar və sair. Ona görə düşünürəm ki, təqdim edilmiş dəyişikliklər kifayət qədər mütərəqqidir, Azərbaycan reallığını əks etdirən, əsaslandırılmış dəyişikliklərdir. Pənah Hüseynin söyləmiş olduğu fikirlərin bir əsası və dayağı yoxdur. Millət vəkillərindən xahiş edirəm, bu dəyişikliklərə səs versinlər. Sağ olun.
Sədrlik edən. Kiçik bir fikir demək istəyirəm. Parlament seçkilərində müəyyən miqdarda seçki fondları ayrıldı. Buna qədər namizədliyini verənlərin sayı cəmi 10-11 nəfər olurdu. Həmin fondlar ayrılandan sonra, fikir vermişik, hər dairədən 28-29 nəfər namizədliyini verir. Bu 28-29 nəfərin yalnız 30 faizi səs yığa bilir. Digər 70 faizi isə heç seçkilərdə iştirak da etmir. Həm seçki siyahıları artır, həm də neqativ işlərlə məşğul olurlar. Sübut olundu ki, həmin fondların ayrılması neqativ hallara gətirib çıxarır. Burada oturanlar bilirlər. Hamı görüb, bunu heç kim inkar edə bilməz. Arzu Səmədbəyli.
A.Səmədbəyli.  Çox sağ olun, hörmətli Sədr, təşəkkür edirəm. Yeni Azərbaycan Partiyası üzvlərinin və eyni zamanda, onları dəstəkləyən millət vəkilləri Zahid Orucovun, Fəzail Ağamalının burada söylədiklərinin tam əksini söyləyəcəyik kimi ehtimallar doğrudur. Biz Seçki Məcəlləsinə  əlavə və dəyişiklikləri mütərəqqi yox, mürtəce hesab edirik. Bəli, Zahid bəy, hesab edirik ki, hakimiyyət həm xalqdan, həm də müxalifətdən qorxduğuna görə bu cür məhdudlaşdırıcı dəyişikliklərə gedir. Biz mənsub olduğumuz partiyanın və Müsavat deputat qrupunun mövqeyini ifadə eləyən bəyanatı səsləndirəcəyik.
Hörmətli Oqtay müəllim, indiyə qədər  dəfələrlə biz də bu Milli Məclisə müraciət etmişik, amma təəssüflər olsun ki, təklif etdiyimiz dəyişikliklərin heç biri nəzərə alınmayıb. Əgər vaxt çatmasa, çox xahiş edirəm, imkan yaradasınız. İkram bəy çıxış vaxtını mənə verir. Mən  mövqeyimizi sona qədər burada ifadə eləyə bilərəm.
Avropa Şurasına daxil olan ölkələrin seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun səviyyədə hazırlanmasında iştirak edən beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə almadan 2003-cü ildə qəbul edilən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə bu günə qədər ölkədə azad, ədalətli, şəffaf və standartlara cavab verən seçki və referendum keçirilməyib. Keçirilən seçkilərə rəy vermək hüququ olan beynəlxalq təsisatların, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının, ABŞ Dövlət Departamentinin rəsmi rəyləri qeyd olunanları, faktik olaraq, təsdiq eləyir.
Ölkənin aparıcı müxalif siyasi qüvvələrinin və beynəlxalq qurumların Seçki Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması təkliflərinə rəğmən ölkə rəsmiləri Seçki Məcəlləsinə bir neçə dəfə əlavə və dəyişikliklər etməklə onu daha da mürtəce hala salıblar. Seçki Məcəlləsinin 8-ci maddəsi ilə bağlı belə bir variant təklif olunur: “Seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir”. Seçki Məcəlləsi qəbul olunanda bu müddət 120 gün olsa da, sonradan 75 günədək azaldılmışdır.
69-cu maddədə qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən vəsait ayrılması nəzərdə tutulmuşdur. İndi bu maddənin ləğvi təklif olunur. 75.2-ci maddə ilə bağlı təklif olunan variantda deyilir: “Seçkiqabağı (referendum qabağı) təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır”. Seçki Məcəlləsi qəbul olunanda bu müddət 60 gün olsa da, sonradan 28 günə qədər azaldılmışdır.
Müxalifət, beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin demokratikləşdirilməsi istiqamətində təkliflər irəli sürərkən, iqtidar qanunvericiliyin tez-tez dəyişdirilməsinin yolverilməz olduğu dəlilini irəli sürürdü. Hətta keçən dəfəki sessiyada da belə oldu. Halbuki məcəllənin daha da mürtəceləşdirilməsi yönündə tez-tez dəyişikliklər edilən vaxt bu dəlil yaddan çıxır. Bu dəfə də təklif olunan əlavə və dəyişikliklər Seçki Məcəlləsinin demokratikləşdirilməsinə, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə xidmət etmir, namizədlərin seçki kampaniyası və seçkiqabağı təşviqat dövründə seçicilərlə təmaslarının və görüşlərinin məhdudlaşdırılmasına, maddi imkanı zəif olan vətəndaşların seçki prosesində iştirakının qarşısının alınmasına, siyasi partiyaların seçki kampaniyası dövründə maddi sıxıntılar içərisində qalmasını və siyasi partiyaların seçki bloklarının yaradılmasını əngəlləməyə  və beləliklə, Milli Məclis seçkilərini oyuncaq bir seçkiyə yönəltdiyindən qəbul edilə bilməz.
Təklif edilən əlavə və dəyişikliklər Milli Məclisdə qəbul olunduğu təqdirdə bunların törətdiyi fəsadlar nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun düşməsinin məsuliyyətinin bu sənədi Milli Məclisə təqdim edən Yeni Azərbaycan Partiyasının, sənədə səs verən millət vəkillərinin və iqtidarın üzərinə düşdüyünü Müsavat Partiyası olaraq bəyan edir, millət vəkillərinə bu sənədə səs verməməyi,  beynəlxalq təsisatlara isə Azərbaycan iqtidarını bu yanlış yoldan çəkindirmək üçün səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmələrini təklif edirik.
Bizim zaman-zaman təkliflərimiz olub. Biz hesab edirik ki, ən vacib və Seçki Məcəlləsinə olunası dəyişikliklər bunlardır: seçki komissiyalarının tərkibinin və seçki komissiyalarında vəzifələrin müxtəlif siyasi qüvvələrin hakim və müxalifət nümayəndələrindən paritet əsasda formalaşdırılması; qeydə alınmış namizədlərin müvafiq seçki komissiyasına həlledici səs hüquqlu komissiya üzvü təyin etmə və  geri çağırma hüququnun olması; dövlət büdcəsi tərəfindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlarda işləyən şəxslərin, bələdiyyə qurumlarının seçkili vəzifəli şəxslərinin seçki komissiyasının üzvü olduğu...
Sədrlik edən. Deməli, mən siyahıya baxıram. İkram İsrafilin adı siyahıdakı 16 nəfərin içərisində də yoxdur. Siyahıda 16-cı Baba Tağıyevdir. Ürəyin soyumayıbsa, bir dəqiqə də vaxt verirəm.
A.Səmədbəyli. Təşəkkür edirəm. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi prosedurunun sadələşdirilməsi; namizədlərin qeydə alınması prosedurunun sadələşdirilməsi; hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yol verilməməsi; müşahidəçilərin və eləcə də  beynəlxalq müşahidəçilərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsi və onların hüquqlarının artırılması; seçki kampaniyası dövrünün əvvəlki kimi 120 gün, seçkiqabağı təşviqat aparılması üçün müddətin 60 gün olması; seçki kampaniyası dövründə namizədlərin hüquqlarının bərabərliyinin təmin edilməsi; qeydiyyatdan çıxarma vəsiqəsi ilə səsvermə prosesinin təkmilləşdirilməsi;  daşınan seçki qutusu ilə səsvermə prosesinin təkmilləşdirilməsi; səsvermə prosedurunun saxtakarlıqların edilməsinə imkan verilməyəcəyi halda formalaşdırılması; səslərin sayılması və protokolların tərtib olunması prosedurunun şəffaflaşdırılması; şikayətlərin hazırlanması və onlara baxılması prosedurunun sadələşdirilməsi.
Sədrlik edən. Siz Mərkəzi Seçki Komissiyasının nümayəndələrini göstərməmisiniz. Bu bir. İkinci, respublika inkişaf edir, inkişaf etmiş ölkələrə baxın. Siz isə 1992-ci ilə qayıtmaq istəyirsiniz. 120 günü bərpa edirsiniz. Bir az inkişaf edin.  Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən bayaqdan Yeni Azərbaycan Partiyasının və iqtidarın ünvanına söylənilən fikirlərə çox dözümlə yanaşdım. Ona görə dözümlə yanaşırıq ki, biz Yeni Azərbaycan Partiyasını bir tərəf, “hamı xalqçı olmalıdır” söyləyən Pənah Hüseyni isə ikinci tərəf kimi qəbul etmirik. Heç də bu dəyişiklikləri irəli sürərkən qarşımızda onu görmürdük və düşünmürdük ki, bu dəyişikliklər onun xoşuna gəlməsə necə olacaq? Mən mətbuata bəzi açıqlamalarımda söyləmişdim, biz təklifləri irəli sürərkən heç də 100 faizlik razılığa hesablamamışıq və düşünmüşük ki, bu barədə fərqli fikir söyləyənlər olacaq. Bu da təbiidir, biz demokratik bir cəmiyyətdə yaşayırıq və ən müxtəlif fikirlərin səsləndirilməsi hüququ var.
Bu gün də həmin hadisələr baş verir. İrəli sürülən layihə haqqında ən müxtəlif fikirlər səslənməkdədir. Burada təkliflər qarşı-qarşıya qoyulur ki, bizim təkliflər mürtəcedir, sizin təkliflər mütərəqqidir. Mən, ümumiyyətlə, qarşı-qarşıya qoyulmanı qəbul etmirəm, çünki bu təkliflər, ümumiyyətlə, müqayisə ediləcək təkliflər deyil. Qarşı tərəfin mütərəqqi adlandırdığı təkliflərində səslənən fikirlər daha çox Azərbaycan misalında deyildiyi kimi, “közü öz qarşısına çəkmək” deməkdir, çünki bu təkliflərin ruhu, mahiyyəti, məzmunu özünə daha yaxşı şərait yaratmağa xidmət edir. Amma bizim irəli sürdüyümüz təkliflər heç bir siyasi fərq qoymadan hər bir iştirakçıya, o cümlədən seçiciyə bərabər imkanlar təmin edir. Düşünürəm ki, buradakı fərqi hər kəs anlayır.
Beynəlxalq təcrübədən danışırıq. Əlbəttə, biz beynəlxalq təcrübəni, beynəlxalq təşkilatların tövsiyələrinin bizə uyğun gələn məqamlarını nəzərə almadan inkişafı təsəvvür etmirik, çünki bu, Azərbaycanın tutduğu bir yoldur, qarşısına qoyduğu məqsədə çatmaq üçün də bunlardan bir vasitə kimi istifadə edir. Məqsəd beynəlxalq rəyi nəzərə almaq yox, sadəcə, bizim mənafeyimizə, maraqlarımıza uyğunluğu baxımından bunu qiymətləndirməkdir. Biz də bu yolu tutmuşuq. Hesab edirəm ki, bütün digər ölkələr də bu cür addımlar atırlar. Söyləyirsiniz ki, beynəlxalq ölkələrlə müqayisə edərkən şəraiti də müqayisə etmək lazımdır. Burada həqiqət yükü çoxdur. Hər halda istənilən müqayisənin qüsurlu olduğunu nəzərə alsaq, yenə də bu və ya digər şəkildə müqayisələrə gedirik. Mən də bir neçə analogiya aparmaq istəyirəm.
Bu yaxınlarda mən bütün dünyanın diqqətini cəlb edən İngiltərədə keçirilən seçkilərdə parlament üzvü, həmkarım Azay Quliyevlə birlikdə iştirak edirdim. Mən sizə söyləyim ki, orada iştiraka qədər mənim İngiltərə seçki sistemi və ingilis seçicilərin, seçkidə iştirak edən şəxslərin məsələyə yanaşmaları ilə bağlı çox fərqli mövqeyim var idi. Amma burada iştirak mənə başqa bir təcrübə verdi. Mən hesab edirəm ki, biz çox zaman başqa ölkələrdəki proseslərlə bağlı illüziyaya qapılırıq və özümüzün görmək, eşitmək istədiyimiz fikirləri daha çox ortalığa qoyuruq. Amma məsələ heç də belə deyildir.
Müddətlə bağlı məsələyə toxunuldu. İngiltərədə bu qədər ciddi mübarizə  şəraitində keçən seçkilərə cəmi 1 ay vaxt ayrılmışdı. 1 ay müddətində namizədlər də öz platformalarını seçicilərə çatdıra bildilər. Seçicilər də öz seçimlərini edə bildilər və İngiltərənin tarixində görünməyən bir hadisə baş verdi, üçüncü qüvvə meydana gəldi. Bu üçüncü qüvvə çox ciddi mövqe əldə etdi. Bunun müddətlə bağlılığı yoxdur.
Bundan daha sonra biz Danimarkaya səfər etdik. ATƏT-in Parlament Assambleyasının Baş katibliyində olduq. Eləcə də Danimarka parlamentində görüşlərimiz oldu. Danimarka seçki sistemi ilə maraqlandıq. Çox qəribə də görünsə, Ədliyyə və Səhiyyə nazirlikləri bir yerdədir və bunların nəzdində seçki ilə məşğul olan departament var. Həmin departamentin rəhbəri ilə görüşümüzdə məlum oldu ki, Danimarkada seçkilərə cəmi 2 həftə vaxt ayrılır. Bu vaxt seçki müddətini 60 günə endirməyin vacibliyini ortaya qoyan Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi bizim təəccübümüzə səbəb oldu. 2 həftə ərzində necə seçki keçirmək olar?
Mənim namizədlərin qeydə alınmaları, irəli sürülmələri, təbliğata ayrılan vaxt barədə suallarım oldu. Bütün bu suallara cavablarında onlar söyləyirlər ki, Danimarkada da istənilən ölkədə olduğu kimi, siyasi qüvvələrin mövqeləri bəllidir, insanların  onlara formalaşmış münasibətləri var və siyasi qüvvələr yalnız seçkiyə ayrılmış müddətdə öz mövqelərini çatdırmaq imkanı əldə etmirlər. Bütün zaman onların ixtiyarındadır. Yəni istənilən vaxt seçki elan edildisə, onların namizədləri də, platformaları da, bəyan edəcəkləri şüarlar da, hədəfləri də bəllidir. Seçicilərin də bu hədəflərə, şüarlara, platformaya münasibətləri ortadadır. Ona görə bu mənada Azərbaycanın mövqeyinin də həm İngiltərə, həm də Danimarkanın mövqeyi ilə üst-üstə düşdüyünü hesab edə bilərik. Azərbaycanda da siyasi qüvvələrin üstünlüyü hər kəsə bəllidir. Bu qüvvələrin namizədləri də bəllidir.
Burada səsləndi ki, təbliğat müddətinin birinci hissəsində yalnız gözləmə mövqeyi tutulur. Yalnız sonda hərəkətə keçmək və yaxud namizədləri irəli sürmək yada düşür. Namizəd axtarışına çıxmaq kimi təcrübə də Azərbaycanda mövcuddur. Mənə bəllidir ki, bu gün siyasi partiyaların bir çoxu ən müxtəlif insanlara müraciət edərək onların namizədi olmaq barədə razılıqlarını istəyirlər, çünki namizəd yoxdur, namizədlər tapılmır. Vaxt da buna görə lazımdır. Amma mən hesab edirəm ki, Azərbaycan xalqının, Azərbaycan seçicilərinin vaxtını bu kim səmərəsiz işlərə sərf etməyə haqqımız yoxdur. Hər kəs seçkilərə qədər siyasi mövqeyini, namizədlərini, platformasını müəyyən etməlidir. Biz həm vaxtdan, həm də maliyyə vəsaitlərindən səmərəli istifadə etməliyik.
Burada səsləndi ki, heç bir mövqeyi olmayan, 2-3 nəfərin səsini qazana bilməyən insanlar yalnız cüzi maliyyə vəsaitini almaq üçün namizədliklərini irəli sürürlər. Bizim hər birimiz bunların şahidi olmuşuq. Təkcə maliyyə vəsaitini almaq məqsədi güdülmür, sonradan daha güclü rəqibdən, namizəddən başqa mövqelər istəmək şərti ilə namizədliyi geri götürmək fikirləri də olur. Bunların hər birinə biz rast gəlmişik. Ona görə düşünürəm ki, seçki prosesini təkmilləşdirməyə xidmət edən və Azərbaycandakı mövcud seçki təcrübəsinə əsaslanan, eyni zamanda, inkişafa hesablanan və Azərbaycanın həm texnologiyalar baxımdan, həm də siyasi və iqtisadi baxımdan inkişafını nəzərdə tutan bu dəyişiklikləri dəstəkləmək lazımdır. İmkan vermək lazımdır ki, həmin dəyişikliklər qanuni qüvvəsini alsın və biz bu istiqamətdə irəliyə növbəti bir addım ataq və inkişafa doğru gedək, geriyə qayıtmayaq. Mən sizi bu dəyişiklikləri Yeni Azərbaycan Partiyasının mövqeyini dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.  
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Burada bir məsələ də var. Biz hamımız millət vəkilləriyik, 5 il qabaq seçkilərdə iştirak etmişik, hamının seçiciləri var. Müddət məsələsi ən çox o adamları narahat edir ki, onlar 5 il ərzində öz seçiciləri ilə normal işləməyiblər, reytinqləri yoxdur. Yəni bir dairə seçib orada iş aparmaq istəyirlər ki, sonra seçilmək imkanları olsun. Mən belə başa düşürəm. Yəni reytinqi olan, seçilmək istəyən insanlar artıq 5 il ərzində özlərini göstəriblər, tanıdıblar, seçiciləri də var. Bunlar hamısı məlumdur. Hamımız təcrübəli insanlarıq. Çıxış üçün təkid edənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət Həsənquliyev, bir də Əli Əhmədov təkid edir. İki nəfər çıxış edəcək. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan məsələ ilə bağlı söyləmək istəyirəm ki, ikinci çağırış Milli Məclisin üzvləri yəqin xatırlayırlar. Seçki Məcəlləsini qəbul edəndə 1993-cü ilin mayında mən bu auditoriyada çıxış etdim ki, 4 ay həddindən artıq böyük müddətdir. Düzdür, mən o zaman parlamentə Mərkəzi Seçki Komissiyasından gəlmişdim. Dedim ki, bu müddəti ən azı iki dəfə azaltmaq olar və lazımdır. Bu gün mən çox məmnunam ki, bu müddəti azaldırıq.
Mənim 7 il keçəndən sonra da fikrim bundan ibarətdir ki, ölkədə demokratik seçkilərin keçirilməsi demokratik seçki qanunu ilə müəyyən olunmur, hər bir xalqın inkişaf səviyyəsi ilə müəyyənləşir. Dövlət hakimiyyət orqanlarının demokratik idarəetməyə nə qədər hazır olması ilə müəyyən olunur. Keçmiş sovet respublikaları içərisində Qırğızıstan siyasi inkişaf səviyyəsinə görə öndə gedən  respublikalardan biri idi. Amma siz gördünüz ki, Bakiyev Akayevi məhz diktaturada ittiham etdi, onun yerinə gəldi. Amma gələndən sonra özü hətta parlamenti ləğv etmək, ağsaqqallar şurası yaratmaq istəyirdi. İndi xalq özü demokratik azadlıqlara hazır olmadığı üçün orada baş verənlər bütün dünyanı dəhşətə gətirir. Hətta mən müraciət etmişdim ki, Azərbaycan bir türk respublikası kimi kənarda qalmasın və orada vəziyyətin tənzimlənməsinə öz töhfəsini versin. Düşünürəm ki, nə zamansa Azərbaycanda da bizim arzuladığımız kimi xalqımızın inkişafı ilə əlaqədar Qərbi Avropa standartlarına uyğun demokratik seçkilər keçiriləcək.
Seçki Məcəlləsi ilə bağlı təklifləri, yeri gəlmişkən, deyim ki, dəstəkləyirəm və buna səs verəcəyəm. Amma bununla bağlı bəzi təkliflərim var. Mən Müsavat Partiyasının bəyanatına diqqətlə qulaq asdım. Orada qeyd olunurdu ki, əvvəl təbliğat müddəti 60 gün olub, indi bu müddət azaldılır. Yeri gəlmişkən deyim ki, həmin müddət 60 gün olanda məgər Müsavat Partiyası seçkiləri demokratik seçki kimi tanımışdı? Yox. Deməli, təbliğat müddətinin nə qədər olmasının elə bir önəmi və əhəmiyyəti yoxdur. Mənim təklifim nədən ibarətdir? İndi Arzu bəy müraciət etdi ki, beynəlxalq təşkilatlardan kömək istəyirik, bu məsələnin qarşısını alsınlar. Beynəlxalq təşkilatların prinsipiallığını, onların nə dərəcədə ədalətli olmalarını uzun illər Qarabağ məsələsinə münasibətlərində müşahidə etmişik. Ona görə də beynəlxalq təşkilatlara, Arzu bəy, çox bağlanmayın, çalışıb öz xalqımızın içərisindəki siyasi qüvvələrlə dil tapıb cəmiyyətimizi inkişaf etdirib irəli aparmalıyıq.
Mənim təkliflərim konkret olaraq bundan ibarətdir ki, təbliğat müddətinin qısaldılmasından bəzi qüvvələrin Azərbaycana qarşı istifadəsinə yol verməmək üçün, sadəcə olaraq, hər bir namizədin qeydə alındığı gündən təbliğat kampaniyasına başlamaq hüququnu tanıya bilərik. Belə bir səlahiyyət tanınmalıdır. Bu yarışdır və yarışda hamının eyni hüququ  tanınır, eyni gündə  hamı gedib imza vərəqəsini götürə bilər. Yarışdır, kim imzasını toplayıb verəcəksə, qeydə alınacaqsa, qeydə alındığı gündən də təbliğat kampaniyasına başlaya bilər. Belə olduğu halda hətta əvvəlkindən də artıq müddətdə təbliğat kampaniyası aparmış olarıq.
Maliyyə məsələsi ilə mən tam razıyam. 200 manat elə də böyük bir məbləğ deyil, bunu biz aradan qaldırmalıyıq.  Əvəzində siyasi partiyaların maliyyələşdirilməsinə keçməliyik. Ümid edirəm ki, bu elə növbəti islahatların başlanğıcı olar. Parlament seçkilərindən sonra 2011-ci ilin büdcəsində siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsun. Burada qeyd olunduğu kimi, kənar adamlar 200 manata görə seçki kampaniyasına qoşulmasınlar.
Oqtay müəllim, diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Seçki Məcəlləsinin 19-cu maddəsində qeyd olunur: “Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi seçki komissiyasının birinc iclasında açıq səsvermə yolu ilə seçilirlər”. İndiyə qədər məcəllənin bu müddəası pozulub. Yəni azlıqda qalan partiyaların nümayəndələrindən MSK-ya  katib seçilməyib və MSK tam tərkibdə formalaşdırılmayıb. Burada hər zaman deyilir ki, gedin  öz aranızda razılaşın.  Məgər azlıqda qalan partiyaların dörd üzvü təyin olunanda Müsavat Partiyasının razılığı var idi? Yaxud Ədalət Partiyasının nümayəndələri təsdiq olunanda bizim razılığımızı almışdılar? Buna görə Mərkəzi Seçki Komissiyası...
Sədrlik edən. Əli Əhmədov buyursun.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Yeni Azərbaycan Partiyası olaraq biz bu gün müzakirəyə çıxarılan təklifləri irəli sürərkən qarşımıza üç əsas məqsəd qoymuşuq: Azərbaycanda seçki praktikasını təkmilləşdirmək; Azərbaycanın seçki qanunvericiliyini beynəlxalq təcrübəyə yaxınlaşdırmaq; seçki resurslarından səmərəli istifadə edilməsinə təkan vermək. Azərbaycanda artıq oturuşmuş bir seçki praktikası mövcuddur. Demək olar ki, il yarımdan bir Azərbaycanda seçkilər keçirilir. 2008-ci ildə, 2009-cu ildə, 2010-cu ildə seçkilər keçirilib. 2009-cu ildə seçki ilə bərabər referendum da keçirilib. Deməli, sözün yaxşı mənasında Azərbaycanda seçkilər Azərbaycanın siyasi həyatının adiləşmiş, daim təkrarlanan bir hadisəsinə çevrilib. Ona görə də seçkinin keçirilməsi üçün elə bir optimal, ağlabatan, ağıllı variant, müddət  seçilməlidir ki, birincisi, Azərbaycan vətəndaşlarının seçmək və seçilmək hüquqlarının həyata keçirilməsinə imkan verilsin. İkincisi, seçkilər yorucu, bezdirici olmasın. İkinci dəlilimiz Azərbaycanın seçki praktikasının dünya təcrübəsinə yaxınlaşdırılması ilə əlaqədardır. Güman edirəm ki, bu barədə fikirlər səsləndirildi, vaxtın azlığına görə mən bu barədə əlavə olaraq fikir səsləndirmək istəmirəm.
Üçüncü dəlilimiz ondan ibarətdir ki, seçki resurslarından  səmərəli istifadə edilməsinə çox ciddi ehtiyac var. Bu həm də seçkilərdə iştirak edən hər bir vətəndaşa və partiyaya aiddir. Hər bir seçki kampaniyasını təşkil etmək üçün xüsusilə də partiyalar çoxlu sayda resurslar cəlb edirlər. İnsani resurslar, maliyyə və təşkilati resurslar cəlb olunur. Təbiidir ki, bütün bunların hamısı vaxt tələb edir.
Yeni Azərbaycan Partiyası olaraq seçki kampaniyasını təşkil etməkdən ötrü bəzi hallarda minlərlə, bəzən on minlərlə fəallarımızı, aktivlərimizi seçki kampaniyasına cəlb edirik. Onlar bəzi hallarda təhsillərindən,  işlərindən ayrılırlar. Təsəvvür edin ki, hər il seçkilər keçirilir. Seçki keçirməkdən ötrü digər partiyalar da onun kimi bu qədər insanı əsas işlərindən ayırırlarsa, bu bir yandan seçki yorğunluğuna, ikinci yandan da resursların qeyri-səmərəli istifadəsinə gətirib çıxara bilər. Partiyaların xərclədikləri maliyyə vəsaitlərini də buraya aid etmək olar.
Nəhayət, təklif etdiyimiz kimi, seçki kampaniyasının 60 gün ərzində keçirilməsi tamamilə imkan verir ki, namizədlər normal şəkildə irəli sürülsünlər və qeydə alınsınlar. Seçki Məcəlləsinin müəyyənləşdirdiyi normaya görə deputatlığa namizəd üçün 450 imza toplanması tələb olunur. 450 imzanı, gəlin açıq danışaq, iki gün ərzində toplamaq mümkündür. Bizim  müəyyən təkliflərimiz əsasında namizədin irəli sürülməsi, qeydə alınması və imzaların toplanması üçün 30 gün vaxt verilibdir. Güman edirəm ki, kifayət qədər yetərlidir.  Təşviqatın aparılması üçün nəzərdə tutulan 23 gün Azərbaycanda hər bir namizədin 34-35 min seçici arasında təşviqat aparmasına imkan verir. Paralel gətirmək istəyirəm. Rusiyada bir namizəd 200 min, Türkiyədə 65-70 min seçici arasında təşviqat aparır. 35-40 min seçici ilə iş aparmaqdan ötrü güman edirəm ki, 23 gün kifayət qədər yetərlidir. Nəhayət, mən belə hesab edirəm, həyat da daim bunu sübut edir ki, düzgün seçim  etməkdən ötrü uzun düşünmək heç də başlıca şərt deyil. Düzgün seçim etməkdən ötrü digər meyarlar var, onlar barəsində də kifayət qədər fikir səsləndirildi.
Nəhayət, digər bir təklifimizlə əlaqədar. Maliyyə vəsaitinin ləğv edilməsi ilə əlaqədar da kifayət qədər fikir səsləndirildi. Mən burada gətirilən dəlilləri tamamilə əsaslı hesab edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, məhz belə bir halın olması bəzən seçki prosesinə qeyri-ciddi yanaşmalara və qeyri-ciddi namizədlərin peyda olmasına gətirib çıxarır. Qanunla müəyyənləşdirilmiş hallarda aldıqları vəsaiti geri qaytarmalı olsalar da, hələ indiyə qədər lazımi miqdarda səs toplaya bilməyən bir namizəd belə aldığı vəsaiti geri qaytarmayıbdır. Nəticədə Azərbaycanın Seçki Məcəlləsində mütəmadi olaraq və kütləvi şəkildə pozulan bir maddə meydana gəlibdir. Hesab edirəm ki, Seçki Məcəlləsini nizama salmaqdan ötrü bu maddənin aradan qaldırılmasına səs verməliyik. Güman edirəm ki, bütün bunların hamısı Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi və ədalətli seçkilərin keçirilməsi...
Sədrlik edən. Çox sağ olun. İki millət vəkili də çıxış üçün təkid edir. Azay müəllim, təkidiniz qalır yerində?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qısa danışın. Azay Quliyev, bir də Elmira Axundova.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mənim təkid etməkdə bir məqsədim var. Bu da ondan ibarətdir ki, burada beynəlxalq təşkilatların adları qeyd edildi və beynəlxalq təşkilatlarla bağlı məsələyə toxunuldu. Bu, ciddi etiraza səbəb olur, yaxud da ola bilər. Mən hesab edirəm ki, bunun üçün heç bir əsas yoxdur. Beynəlxalq təşkilatların bəziləri ilə mən də görüşmüşəm. Onlara sual verilib ki, ümumiyyətlə, 60 günün müəyyən edilməsi hər hansı bir demokratik prinsipə ziddir, yoxsa yox? Cavablar birmənalı şəkildə müsbət olub ki, bu hər hansı bir formada demokratiya, insan hüquqları prinsiplərinə zidd deyildir. Ona görə də bu məsələ bütövlükdə beynəlxalq təcrübəyə söykənən bir əlavədir. Hesab edirəm ki, Azərbaycanda seçki sisteminin oturuşmasına xidmət edən bir amildir.
Digər məsələlər barədə burada çoxları danışdılar. Mən bunlara toxunmaq istəmirəm. Hörmətli Bahar xanım burada iki səfərimizlə bağlı qeydlərini dedi. Orada təsəvvür edin ki, biz əvvəldən axıra qədər seçki sistemini öyrənmək imkanı əldə etdik. Həm Şərqi, həm də Qərbi Avropanın seçki təcrübəsi ilə tanış olduq. Hətta Azərbaycanda seçicilərin barmaqları rənglənir. İnandırım sizi, şəxsən mənim üçün bir tərəfdən xeyirli bir amil oldu. Dünyanın heç bir inkişaf etmiş ölkəsində barmaqların rənglənməsinə qədər belə addım atılmayıbdır. Biz Azərbaycanda bunu etdik, bunu da bir məqsədlə etdik ki, bəzi beynəlxalq qurumların gətirdikləri dəlilləri əllərindən alaq. Mənim dediyim budur ki, seçki sistemi getdikcə oturuşmalıdır. Əgər doğrudan da, təkmilləşdirilməyə ehtiyac varsa, bu haqda müsbət qərarlar qəbul edilməlidir. Hesab edirəm ki, bu gün  hörmətli Əli müəllim Əhmədov burada bunu çox yaxşı ifadə etdi. O, çıxışında qeyd etdi ki, 4 ayın 2 ayla əvəzləndirilməsi həm insanların vaxtına, həm də buna sərf edilən enerjiyə qənaət etmək və  digər məsrəfləri aradan qaldırmaq üçün çox müsbət mütərəqqi bir təklifdir.
200 manatla bağlı. Hamı bilir ki, 200 manatla heç bir seçki keçirmək mümkün deyildir. 200 manat, sadəcə olaraq, bayaq, cənab Sədr, Siz də qeyd etdiniz, bəzən sui-istifadələrə və kobud desək, alverə səbəb olur. Mən hesab edirəm ki, bu məsələnin həlli yollarından biri burada qeyd olundu. Seçici Fondunun yaradılması ilə bağlı müvafiq şərait var. Burada da qeyd edildi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi, hesab edirəm ki, gələcəkdə Azərbaycanın siyasi sisteminin daha da təkmilləşdirilməsi baxımından qəbul olunacaqdır. Ona görə də bu təklif bütövlükdə ümumi işimizə müsbət təsir göstərəcək. Hesab edirəm, seçkilərin tam demokratik, şəffaf və ədalətli keçirilməsinə öz müsbət töhfəsini verəcəkdir. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Elmira xanım, xahiş edirəm, qısa.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən iki fikri qeyd etmək istəyərdim. Burada demək istədiyim bir çox fikirlər səsləndi. Bəzi radikal yönümlü mətbuat nümayəndələri, siyasətçilər də bu dəyişiklikləri azad sözə, sərbəst toplaşmağa və ya birləşməyə qarşı yönələn bir addım kimi qiymətləndirirlər. Lakin fikrimcə, seçki kampaniyası müddətinin 75 gündən 60 günədək azaldılması və dövlət hesabına maliyyə vəsaitinin ayrılmasının ləğv edilməsi seçki kampaniyasında iştirak etmək istəyən bir çox təsadüfi, səviyyəsiz insanların və qrupların həvəsini soyudacaq. Söhbət nə real müxalifətdən, nə də tanınmış iqtidar nümayəndələrindən gedir. Məsələ məhz bu kateqoriya insanlarla əlaqədardır. Biz hamımız 2005-ci ildə öz dairələrimizdə bunları yetərincə görmüşük. Tərcümeyi-hallarında doğum günündən başqa heç bir əlamətdar hadisə olmayan, öz doğma kəndlərindən o yana tanınmayan, bisavad, lakin təkəbbürlü namizədlər 5 il qabaq nə qədər qalmaqala, çirkin oyunlara, provokasiyalara, qara piyarlara bais olmuşlar. İndi bu dəyişikliklər belə insanların müəyyən dərəcədə qabağını kəsəcək.
Dünən qəzetdə oxuyuram. Seçkilərin monitorinqi və demokratiyanın tədris mərkəzi rəy açıqlayıb və orada yazır ki, hazırda ölkədəki seçki komissiyaları və potensial seçki iştirakçısı olacaq siyasi partiyalar, vətəndaş qrupları və namizədlər qanun layihəsində nəzərdə tutulan qısa müddət çərçivəsində seçki hərəkətlərinin təşkilinə hazır deyildirlər. Sual olunur: məgər potensial namizədlər seçkilərə və seçki hərəkətlərinə əvvəlcədən hazırlaşmırlar? Bunu bir il, yarım il qabaq, indi də etmək olar.  Həm də gələcək millət vəkili öz təbliğatını xalq arasında çoxdan etməli idi. Yazıları, çıxışları, əməlləri, xeyirxah işləri ilə. Əgər xalq, heç olmasa, dairə seçiciləri səni tanımırlarsa, səsini eşitməyiblərsə, çətin ki, sənə 2-3 ay kömək etsin. Xalqın etimadını illərlə qazanmaq lazımdır.
İkinci məsələ. Hələ mətbuatın vəziyyətini heç kim qeydə almayıb. Mətbuatın vəziyyətini nəzərə alaq. Bütün etik kodların qəbuluna baxmayaraq, yadınızdadırsa, KİV-lərin bir çoxu 2005-ci il seçkilərində hansı oyunlar çıxardı? Olmazın cəfəngiyatı, uydurmanı, provokasion məlumatı çap etməyə hazır idilər, təki qəpik-quruş qazansınlar. Bu hərc-mərclik keçən dəfə 3 ay ərzində hökm sürdü. Bilirsiniz, mən səmimiyyəti sevən insanam. Ona görə də tam səmimiyyətlə deyirəm. Əgər biz bu dəyişiklikləri qəbul etsək, 2010-cu ildə belə hərc-mərclik cəm bir ay ərzində özünü biruzə verəcək.
Bir də ayrılan vəsait haqqında danışıldı. Xaricdəki kimi biz ianələrdən daha geniş istifadə etməliyik, öz şəxsi vəsaitlərimizi seçki kampaniyasına xərcləməliyik. Gəlin açıq danışaq, nə cür kasıb insan onun dalında güclü klan, lobbi, böyük pullar dayanmasa, Senata, Konqresə seçilə bilər? Fransanı, Amerikanı misal göstərmək olar. Vəziyyət hər yerdə eynidir. Qərbdə ancaq güclü, varlı, kapitalı olan insan parlamentə seçilir. Biz isə seçkilərimizi keçirmək üçün dövlətdən 200 manat pul tələb edirik. Gülüncdür axı, sən siyasətə qoşulursan, millətin vəkili olmaq istəyirsən, özün isə heç ailəni də dolandıra bilmirsən və dövlətin 200 manatına möhtacsan. Səndən nə cür millət vəkili ola bilər? Ürəyim doludur, hörmətli həmkarlarım, gəlin reallığa söykənək. Bu çox gözəl dəyişikliklərdir, onlara səs verək və bununla da gələcək seçki kampaniyasında bir çox xoşagəlməyən halların  qarşısını alaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun.  Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri                         (saat 17.49 dəq.)
Lehinə                                                                       103
Əleyhinə                                                                       3
Bitərəf                                                                          0
Səs verməd                                                                  0   
İştirak edir                                                                  106  
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay İkram müəllim, sən çıxış vaxtını Arzu Səmədbəyliyə verdin, ona da bir dəqiqə verdik. Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən iclasın əvvəlində dedim ki, məsələlərimiz çoxdur. İndi gündəliyin növbəti məsələsi – Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında Əli müəllim buyursun.
Ə.Hüseynov.  Çox sağ olun, hörmətli cənab Sədr. Mən çalışacağam ki, vaxtınızı çox almayım, qısa məruzələr edim. Bu layihənin yeganə, amma çox vacib bir mənası var. Məsələ burasındadır ki, hazırda silahlı qüvvələrdə mövcud olan təhqiqat orqanları sistemi və onun fəaliyyətinin qanunvericilikdə tənzimlənməsi keçmiş SSRİ dövrünün təcrübəsinə əsaslanır.
Bu gün Cinayət-Prosessual Məcəlləsinin 214.2-ci maddəsinə əsasən hərbi hissələrin və hərbi idarələrin yerləşdiyi ərazilərdə törədilmiş cinayətlərə dair cinayət işləri üzrə təhqiqatın aparılması bir sıra problemlərə gətirib çıxardığına görə, hərbi hissələrin komandirlərinə və yaxud hərbi idarə rəislərinə həvalə olunmur, çünki həmin şəxslər peşəkar hüquqşünaslar deyillər. Eyni zamanda, bu təhqiqatı aparmaqla onlar özlərinin peşəkar fəaliyyətləri ilə də məşğul ola bilmirlər.
Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, təhqiqat orqanında çalışan şəxslər peşəkar hüquqşünas və zabitlər olmalıdırlar. Elə bilirəm ki, edilən düzəliş təhqiqatın peşəkarcasına aparılmasına öz töhfəsini verəcəkdir. Yəni bu işin peşəkar təhqiqatçılara, hüquqşünaslara tapşırılması, silahlı qüvvələrdə hərbi intizamı və qanunçuluğu möhkəmləndirəcəkdir.
Məlumat üçün onu da demək istərdim ki, hazırda müdafiə nazirinin əmri ilə nazirliyin hüquq idarəsinin tərkibində təhqiqat şöbəsi yaradılıbdır. Artıq beş regional təhqiqat bölməsi fəaliyyət göstərir. Cinayət-Prosessual Məcəlləsinə dəyişikliyi etməklə bu idarənin və regional bölmələrin fəaliyyətində qanun bazasını yaratmış olarıq. Həmkarlarımdan buna səs verməyi xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr                           (saat 17.52 dəq.)
Lehinə                                                                           98
Əleyhinə                                                                         1
Bitərəf                                                                            1
Səs verməd                                                                    0   
İştirak edir                                                                    100  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən hesab edirəm ki, “Notariat haqqında” Qanunu gələn iclasa da saxlaya bilərik. Əgər etiraz yoxdursa, indi bir məsələyə də baxaq. Bir az işimiz çətin getsə, yəqin ki, bir saat da artıq işləyərik. İnanıram ki, gələn iclasa qalan məsələləri də çatdıra bilərik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında. Buyurun, Əli müəllim.
Ə.Hüseynov. Cənab Sədr, xahiş edirəm, dəqiqləşdirək, çünki İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında yeddinci və səkkizinci məsələ vardır. 
Sədrlik edən. İkisini də təqdim eləyin. Çatdırarıq.
Ə.Hüseynov. Oldu, təşəkkür edirəm. İnzibati Xətalar Məcəlləsi. 348-4-cü maddə əlavə edilsin. Bu qanun layihəsinə Elm və təhsil komitəsi ilə birlikdə baxmışıq. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən maddədə ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında tam və düzgün daxil edilməməsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin 200 manatdan 300 manatadək, hüquqi şəxslərin 2500 manatdan 3000 manatadək miqdarında cərimə olunması nəzərdə tutulur.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri                           (saat 17.54 dəq.)
Lehinə                                                                           97
Əleyhinə                                                                          0
Bitərəf                                                                             0
Səs verməd                                                                     1   
İştirak edir                                                                       98  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ. Bu da İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyurun, Əli müəllim.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. İnzibati Xətalar Məcəlləsinin 163.0.8-ci maddəsinə bir düzəliş təklif olunur. Düzəliş ondan ibarətdir ki, həmin maddədən “yaşıllığın qırılmasına” sözləri çıxarılır.
Cənab Sədr, bu maddədə sanksiya məlumdur. Maddənin tətbiqi ilə   avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına müvafiq icra hakimiyyəti orqanı nəzarət edəcəkdir. Bilirsiniz ki, son dövrlərdə ölkə Prezidentinin, ölkə ictimaiyyətinin bu məsələyə çox ciddi münasibəti var. Cənab Prezident tərəfindən müvafiq qərarlar qəbul olunubdur. Həmin qərarlara əsasən biz də İnzibati Xətalar Məcəlləsinə xüsusi maddələr təklif etmişik və onlar qəbul olunubdur.
Onu qeyd eləmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 92-ci maddəsi var. Orada qeyd olunur ki, Meşə Fonduna aid olmayan ağac və ya kolların zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2200 manatdan 2500 manatadək, vəzifəli şəxslər 900 manatdan 10000 manatadək, hüquqi şəxslər 40000 manatdan 50000 manatadək miqdarda cərimə olunurlar. Deməli, faktiki olaraq bu məsələ kifayət qədər ciddiləşib, sanksiyalar artırılıbdır. Qanunun tətbiqi ilə bağlı cənab Prezidentin də müvafiq fərmanı var. Qeyd olunan qanunvericilikdə 163.0.8-ci maddədə bu sözlərin qalması sui-istifadəyə gətirib çıxarır. Yəni yaşıllığın qırılması halları baş verərkən qanunu pozan orqan bu maddəyə istinad edə bilərdi. Burada da çox az miqdarda sanksiyalar var. Məsələn, fiziki şəxslər 30 manatdan 50 manatadək cərimə olunurlar. Əslində, tətbiq üçün 92-ci maddəyə müraciət olunmalıdır. Kifayət qədər çox ciddi sanksiyalar orada mövcuddur. Yəni demək istəyirəm ki, ilk baxışdan bu, bir qədər çaşdırıcı görünə bilər. Bizim məqsədimiz,  əksinə, yaşıllığın qırılması ilə bağlı mübarizəni effektiv aparmaq, daha ciddi sanksiyaların tətbiqinə nail olmaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Burada bir mübahisəli məsələ var. Çıxışa yazılmısınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, təkid edirsən? Buyurun.
P.Hüseyn. Təşəkkür edirəm. Mən, sözün doğrusu, Əli müəllimin izahatından bir şey başa düşmədim. O deyir ki, “yaşıllığın özbaşına qırılması” sözlərini biz sanksiya tətbiq olunan anlayışlar içərisindən çıxarırıq. Bunun əvəzinə başqa “əndrəbadi” anlayışlar – “zədələnməsi”, “başqa yerə köçürülməsi”, “tədbirlərin görülməməsi” və sairi saxlayırıq.  Mən hesab edirəm ki, onsuz da yaşıllığı qırıb qurtarmışıq, şəhərin bir çox yerlərində yaşıllıq qalmayıbdır. Əli müəllimin izahatını əgər başa  düşənlər varsa, özləri bilsinlər, başa düşməyənləri də, xahiş edirəm, başa salsın.
Bilirsiniz, elə şey yoxdur. Mən bu ağacların qırılması məsələsini xatırlayıram. Belə şeylərlə əvəz eləyirlər, sonra da deyirlər ki, ağacları qırmamaq barədə Prezident İlham Əliyevin çıxışı var. Mən o çıxışa qulaq asmışam. Bir kranla ağacı kötüyündən qoparırlar, adını da qoyurlar ki, məsələn, bunun yerini dəyişirik, başqa yerdə əkirik. Bununla da məsələ guya həll olunur. Deyirlər, qırılmır, yeri dəyişdirilir.  Özümüz özümüzü niyə aldadırıq? Heç olmasa, özbaşına qırılma olmasın. İndi mənim qaldığım evin həyətində bir tut ağacı var. Mən onu özbaşına qıra bilərəm? Belə çıxır? Əli müəllim, bu məsələ yüz faiz ölkədəki tikinti mafiyasının çox uzun müddət apardığı sistemli fəaliyyətinin nəticələrindən biridir. Bir daha təkrar edirəm, bu, çox ciddi bir məsələdir. Sabah qəzetlər də yazacaqlar ki, özbaşına qırmaq olar.  Belə çıxır.
Sədrlik edən. Əli müəllim, xahiş edirəm, Pənah bəyə iclasdan sonra aydınlıq gətirərsiniz. Baba Tağıyev, çıxış eləmək istəyirsiniz? Buyurun.
B.Tağıyev. Mən izah etmək, başa salmaq istəyərdim ki, bir ağacın ərsəyə gətirilməsi, böyüdülməsi üçün nə qədər xərc lazımdır. 198-ci maddədə hələ deyilir ki, onu qırıb dağıdarsa, 5-10 manat cərimə ilə  yaxasını qurtara bilər. Mənə elə gəlir ki, hesablamaq lazımdır. Bir ağacı illərlə böyütmək üçün nə qədər xərc lazımdır. Onda başa düşmək olar, cərimə azdır, ya çoxdur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Baba müəllim. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun.  Cənab Sədr, bu, həqiqətən də, çox vacib bir məsələdir. Əlbəttə, heç cür ola bilməz ki, cənab Prezident tərəfindən belə bir layihə təqdim olunsun. O mənada bunu başqa cür yayırlar və yaxud mətbuat yazır. Parlamentdə bir daha fikrimi səsləndirirəm. Son dövrdə cənab Prezidentin tapşırığı nəticəsində, bilirsiniz ki, bir sıra qanunlar qəbul olunubdur. O cümlədən İnzibati Xətalar Məcəlləsinə də müvafiq yeni maddələr daxil olundu və sanksiyalar artırıldı. Yenə deyirəm ki, Meşə Fonduna aid olmayan bütün digər ağac və ya kolların zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə sanksiya var. Mən onları səsləndirdim. 92.3.1-ci maddədə belədir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə, – indi sanksiyaları oxuyuram, – fiziki şəxslər 1200 manatdan 1500 manatadək, vəzifəli şəxslər 3500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək cərimə edilirlər.
Deməli, bizim qanunvericilik bu məsələni kifayət qədər ciddi qoyubdur. Eyni zamanda, 163.0-cı maddədə köhnədən qalma bir müddəa var. Avtomobil yollarında… yol hərəkətinin təhlükəsizliyinin pozulmasına görə cərimələr var. Həmin maddənin 8-ci bəndində yaşıllığın qırılmasına görə cəmi 50 manat cərimə müəyyən edilibdir. Təklif edən orqanlar bir sıra hallarda ona istinad edirlər. Bunun qarşısını alan, dövlət orqanlarının həmin işə ciddi yanaşmasına sövq edən bir müddəadır. Biz  qanunvericilikdə dövlət başçısının iradəsinin düzgün tətbiq olunmasına  yönələn bir dəyişikliy edirik. Hesab edirəm ki, burada artıq ciddi sanksiyalar vardır. Bu dəyişiklik onların işləməsinə gətirib çıxaran bir müddəa olacaqdır. Məncə, bu, hər kəsə aydındır.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                               (saat 18.02 dəq.)
Lehinə                                                                               93
Əleyhinə                                                                             2
Bitərəf                                                                                0
Səs verməd                                                                        2   
İştirak edir                                                                          97  
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. 
Gələn iclasımız iyunun 22-də olacaq. Sağ olun. 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU