22.06.2010 - tarixli iclasın stenoqramı

 ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN 
NÖVBƏDƏNKƏNAR
XV  SESSİYASI  İCLASININ
                                                                                                                                                     
PROTOKOLU  № 146

Milli Məclisin iclas salonu.

22 iyun 2010-cu il. Saat 12.

Milli Məclisin Sədr
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin  106 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

F.Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.
R.Rzayev,   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
hakimliyinə namizədlər:

Babayev Fikrət Nağı oğlu,
İsmayılov Rövşən Rəhim oğlu,
Qaracayev Ceyhun Yasinəli oğlu,
Qvaladze Rafael Sergeyiviç,
Salmanova Sona Sadıx qızı,
Şəfiyev Kamran Rauf oğlu.

Azərbaycan Respublikası Ali Məhkəməsi
hakimliyinə namizədlər:

Allahverdiyev Qəhrəman Əli oğlu,
Bəktaş Səadət İnayət qızı,
Dadaşov İlqar Ağababaş oğlu,
Əliyev Ələsgər Əliabbas oğlu,
Əliyev Fərhad Kazım oğlu,
Əhmədova Mehparə Tofiq qızı
Əsədov Bağır Həbib oğlu,
Hacıqayıbov İmran Teymurxan oğlu
Hidayev Şahmurad Əzizağa oğlu,
Hüseynov Azər Soltanhəmid oğlu,
Kalbalıyev Aslan Kalbalı oğlu,
Kərimov Fərhad Abdulkərim oğlu,
Qoldman Tatyana Aleksandrovna,
Məmmədova Şəlalə Ağakərim qızı,
Mirzəliyev Əsəd Abdulla oğlu,
Mirzəyev Hikmət Abbas oğlu,
Nəsibov Hafiz Qəmbər oğlu,
Rəsulbəyova Nigar İmran qızı,
Rzayeva Gülzar Lətif qızı,
Rüstəmov Əli Məhəmməd oğlu,
Şadıyev Ənvər Əhməd oğlu,
Yusifov Şahin Yaşar oğlu.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
hakimliyinə namizədlər:

Allahverdiyev Əli Kərim oğlu,
Kuimova Vera Gennadiyevna,
Qurbanov Yusifəli Süleyman oğlu,
Quliyev Vüqar Kərim oğlu,
Məmmədov Qabil Neymət oğlu,
Məmmədov Fəxrəddin Rüstəm oğlu.

Azərbaycan Respublikası apellyasiya məhkəmələri
hakimliyinə namizədlər:

Abbasov Natiq Mehdi oğlu,
Ağayev Valeh Məmməd oğlu,
Allahverdiyev Məhərrəm Ələkbər oğlu,
Babayev Zəki Baba oğlu,
Bayramov Elşad Abdulla oğlu,
Bayramov Əmir Novruz oğlu,
Bədəlov Kəmaləddin Nurəddin oğlu,
Camalov Etibar Əli oğlu,
Cəfərov Vidadi Cəfər oğlu
Dəmirov İlqar Kamal oğlu,
Dosiyev Amil Qaraxan oğlu,
Əhmədov Ceyhun Rasim oğlu,
Əhmədov Əhməd Abbas oğlu,
Əhmədov İsmayıl Həmid oğlu,
Əliyev Bədəl Cəlal oğlu,
Əliyev Toğrul Məhəmməd oğlu,
Əkbərov Mübariz Dosməmməd oğlu,
Həmidov Həmid Üzeyir oğlu,
Həsənov İlham Məmmədcəfər oğlu,
Heydərov Tofiq Xudayar oğlu,
Hüseynov Mirpaşa Süleyman oğlu,
Hüseynov İlqar Kamil oğlu,
Hüseynova Sevda Əziz qızı,
Hüseynov Sərvət Qeybəli oğlu,
Xələfov İlqar Rəhim oğlu,
İmanov Azad Nizam oğlu,
İsgəndərov Rasim Soltan oğlu,
Kərimov Qəzənfər Babaxan oğlu
Qasımov Vidadi Kamal oğlu,
Qurbanov Raqib Əliddin oğlu,
Quliyev Gündüz Ağababa oğlu,
Məhərrəmova Xuraman Böyükağa qızı,
Məmmədov Elbrus Hacıbala oğlu,
Məmmədov Qail Fazil oğlu,
Məmmədov Xəqani Səyyad oğlu,
Məmmədov Vidadi Məmməd oğlu,
Mirzəyev Nüsrət Fətulla oğlu,
Mustafayev Nurəddin Yusif oğlu,
Məmmədov Rafiq Uğuz oğlu
Nağıyev İman Məmməd oğlu,
Nağıyeva Elmira Eyvaz qızı,
Novruzov Ələsgər Əli İskəndər oğlu,
Nəsibov Nazim Məcid oğlu,
Rzaquliyev Şamil Qəhrəman oğlu,
Seyidova Səriyyə Seyid qızı,
Səfərov Rizvan Kamal oğlu,
Səlimov Hümbət Qamuna oğlu,
Süleymanov Loğman Sirac oğlu,
Tağızadə Mirzə Nəsib oğlu,
Vəliyeva Elşanə Rafiq qızı,
Vəliyev İsmayıl Şamil oğlu,
Yusifov Cahangir Afər oğlu,
Zeynalov Mübariz Hüseyn oğlu.

*  *  *

A.Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.
İ.Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dil Komissiyasının üzvü.

*  *  *

R.Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini.

*  *  *

E.Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
A.Həmzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Dövlət Nəzarəti Agentliyinin Maliyyə-İqtisadiyyat Baş İdarəsinin rəis müavini.

*  *  *

S.Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
T.İbrahimova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri.

*  *  *

İ.Muradov, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini.
E.Allahverdiyev, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.

5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

8. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixl   768-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

9. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

10. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

11. “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-ın Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

12. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

13. “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

14. “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəs haqqında.

15. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəs haqqında.

16. Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

17. Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.

18. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”  Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.

19. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

20. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə (ikinci oxunuş).

21. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəs barədə.
                                      
İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

2. “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”  Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

3. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

4. “Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

8. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixl   768-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

9. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə”  Azərbaycan Respublikasının Qanunu.

10. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

11. “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-ın Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

12. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

13. “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.

14. “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.

15. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

16. Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

17. Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

18. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”  Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

19. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”  Azərbaycan Respublikasının Qanunu.

20. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu.

21. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəs (birinci oxunuşda).


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                              O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

22 iyun 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hakimlər, qonaqlar!
Xahiş edirəm, hörmətli millət vəkilləri, qeydiyyatdan keçək.

Qeydiyyat                                     (saat 12.02 dəq.)
İştirak edir                                                        100 
Yetərsay                                                            83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəliyimizin birinci məsələsi – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verəcək. Buyurun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, möhtərəm hakimlər! Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müstəsna səlahiyyətləri çərçivəsində Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi ilə əlaqədar təqdimatı Milli Məclisə təqdim etmişdir.
Hörmətli həmkarlar, Azərbaycanın siyasi sistemində Konstitusiya Məhkəməsinin rolu əvəzolunmazdır. Müasir konstitusionalizm ideologiyasının təminatı üçün hakimiyyət qolları arasındakı münasibətlərin  Konstitusiyaya uyğunluğuna nəzarət funksiyası xüsusi məhkəmə orqanı – Konstitusiya Məhkəməsi tərəfindən  həyata keçirilir. Sözsüz ki, Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək və hər bir şəxsin konstitusion hüquq və azadlığını müdafiə etməkdir.
Bildiyiniz kimi, “Konstitusiya Məhkəməsi haqqında” Qanun  1997-ci ildə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi 1998-ci ildən fəaliyyətdədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qısa bir müddət ərzində 176 qərar qəbul etmişdir. Onların əksəriyyəti qanunvericilik sistemində kolliziya yaradan məsələlərin həllinə yönəlmişdir. 2002-ci il Konstitusiya referendumunda Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmiş və bu orqana fərdi şikayətlərə baxılması ilə əlaqədar səlahiyyətlər də verilmişdir. 2003-cü il dekabrın 23-də isə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul olunmuşdur.
Konstitusiyanın 130-cu maddəsinin I və II hissələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir və bu hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Qanuna müvafiq olaraq onların səlahiyyət müddəti 15 ildir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qərar ən azı 63 səs çoxluğu ilə qəbul olunmalıdır.
Hörmətli millət vəkilləri, cənab Prezident tərəfindən aşağıdakı şəxslərin namizədliyi müzakirənizə təqdim olunmuşdur: Sona xanım Salmanova, Rafael Qvaladze, Fikrət Babayev, Rövşən İsmayılov, Kamran Şəfiyev, Ceyhun Qaracayev. Məlumat üçün bildirmək istəyirəm ki, bu şəxslərdən üçü – hörmətli Sona xanım Salmanova,  Fikrət Babayev və Rafael Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyət göstərirlər. Ölkə Prezidenti onlara  yenidən etimad göstərərək,  bu vəzifəyə təyin olunmaları üçün namizədliklərini parlamentə təqdim etmişdir. Digər üç namizəd – Kamran Şəfiyev, Ceyhun Qaracayev və  Rövşən İsmayılov isə yeni namizədlərdir. Təqdirəlayiq haldır ki, hər üç yeni namizəd məhz Konstitusiya hüququ üzrə tanınmış mütəxəssisdir. Onlardan ikisi parlament Aparatının əməkdaşı, biri isə Mərkəzi Seçki Komissiyasının üzvüdür. Amma hər üçü hazırda da Konstitusiya hüququ üzrə elmi araşdırmalarla məşğuldur.
Hörmətli həmkarlar, inanıram ki,  namizədlikləri ölkə Prezidenti tərəfindən təqdim olunmuş bu şəxslər parlament tərəfindən də dəstəklənəcək və Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcəklər.  Diqqətinizə görə sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Çıxış üçün 11 nəfər yazılıb. Müzakirələrə başlayırıq. Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxslərin hər birini müdafiə edəcəyəm. Bizim üçün çox xoşdur ki, onların arasında Milli Məclisin iki əməkdaşı və Mərkəzi Seçki Komissiyasına bizim təyin etdiyimiz bir nəfər də var. Mən onların hamısına – bu gün təyin olunacaq bütün hakimlərə uğurlar arzulayıram.
Azərbaycanda məhkəmə hakimiyyətinin nüfuzu bilavasitə onların qəbul etdiyi ədalətli qərarlardan asılıdır və biz çox istərdik ki, hakimlər, doğrudan da, ədalətli olsunlar. Onların ədalətli olması üçün isə əmək haqqı amili çox böyük rol oynayır. Mən bunu hər zaman söyləmişəm və indi də bu fikirdəyəm ki,  ümumiyyətlə, bütün hakimlər xidməti avtomobillə təmin edilməli və onlara çox yüksək məvaciblər təyin olunmalıdır. Hesab edirəm ki, belə olduğu təqdirdə məhkəmə sistemində bir çox neqativ halların qarşısını almaq mümkün olar. Hakimlərin indiki əmək haqları, əlbəttə, orta aylıq əmək haqqından yüksəkdir, Azərbaycanda ən yüksək əmək haqları sayılır. Amma mən bunu yetərli saymır və təklif edirəm ki,  müvafiq icra hakimiyyəti orqanları bu məsələyə də baxsınlar. Mən çox istərdim ki, payızda yeni büdcəni qəbul edərkən bu məsələlər də orada öz əksini tapsın. Bir daha təyin olunacaq bütün hakimlərə uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən də bu gün Konstitusiya Məhkəməsinin hakimi təyin edilən şəxsləri və onların arasında xüsusən Milli Məclis Aparatının işçilərini təbrik edirəm. Bizim onlara müraciət edib məsləhət aldığımız hallar az olmayıb. Ümid etmək istəyirəm ki, onlar yeni görəvlərində öz savadlarına və vicdanlarına, – onların savadlarına və vicdanlarına söz ola bilməz, – uyğun qərarlar qəbul edəcəklər. Arzu edirəm ki, özlərini bu yeni görəvlərində müstəqil hakimiyyət qolunun üzvləri kimi hiss etsinlər və siyasi basqılardan asılı olmayaraq hüquqa uyğun qərarlar qəbul edə bilsinlər. 
Konstitusiya Məhkəməsinə mənim bir neçə müraciətim olub və onların hər birinə belə cavab verilib ki, Konstitusiya Məhkəməsi yalnız Milli Məclisin müraciətinə əsasən “Konstitusiya Məhkəməsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda qanunlara, qərarlara, normativ hüquqi aktlara şərh verir. Son dövrdə Konstitusiyada təsbit olunmuş vətəndaş hüquqları ilə əlaqədar olaraq vətəndaşlara birbaşa müraciət hüququnun verilməsinə baxmayaraq, seçicilərdən bizə daxil olan müraciətlər onu göstərir ki, bu sahədə Konstitusiya Məhkəməsinin işində hələ ki elə bir ciddi irəliləyiş hiss olunmur. Hətta Konstitusiya Məhkəməsinin qəbuluna düşmək belə problem olur. Ola bilsin ki, bu hüquqi institut hələ çox cavan olduğu üçün burada problemlər mövcuddur. Mən arzu edirəm ki, xüsusən bizin yeni təyin olunan hüquqşünaslarımız bu sahədə irəliləyişlərə nail olsunlar və əsas insan hüquq və azadlıqlarının ayrılmaz tərkib hissəsi olan sərbəst toplaşma azadlığı, seçki hüququ, informasiya əldə etmək hüququ, məlumat azadlığı hüququ və ədalətli mühakimə hüququ kimi hüquqların Azərbaycan Respublikasında, nəhayət ki, təsbit olunması üçün Konstitusiya Məhkəməsində öz töhfələrini versinlər. Mən onlara uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm ki, təxminən eyni fikirlər  səslənir. Çıxışlara 10 nəfər yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə ehtiyac yoxdur? Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr                      (saat 12.12 dəq.)
Lehinə                                                                    103
Əleyhinə                                                                    0
Bitərəf                                                                       0
Səs verməd                                                               1
İştirak edir                                                               104
Nəticə: qəbul edildi

Çox sağ olun, təsdiq edildi. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 13-cü bəndinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri parlament qarşısında and içməlidirlər. Birinci söz verilir  Babayev Fikrət Nağı oğluna.
F.Babayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Salmanova Sona Sadıq qızı.
S.Salmanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. (Alqışlar.)
Sədrlik edən. Təbrik edirik, Sona xanım. Qvaladze Rafael Sergeyiviç. Buyurun.
R.Qvaladze, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
 Etimada görə çox sağ olun, minnətdaram. (Alqışlar.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, təbrik edirik. Şəfiyev Kamran Rauf oğlu. Buyurun.
K.Şəfiyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. (Alqışlar.)
Sədrlik edən. Təbrik edirik. Qaracayev Ceyhun Yasinəli oğlu. Buyurun.
C.Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. (Alqışlar.)
Sədrlik edən. Təbrik edirik. İsmayılov Rövşən Rəhim oğlu.
R.İsmayılov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm.  (Alqışlar.)
Sədrlik edən. Sizin hamınızı təbrik edir, işinizdə müvəffəqiyyətlər arzulayırıq! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev söz demək istəyir. Buyurun, Fərhad müəllim.
F.Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Möhtərəm Prezidentimiz İlham Əliyevin təqdimatını müdafiə etdiyinizə görə sizə öz dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, yeni tərkib məhkəmənin təcrübəsini daha da zənginləşdirəcək.
Bu yüksək kürsüdən hamınızı əmin etmək istərdim ki, Konstitusiya Məhkəməsi öz işində mövcud Konstitusiyamızı, qanunlarımızı, ədalət prinsipini rəhbər tutaraq, dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquq və azadlıqlarının  təmin edilməsi məqsədinə yönəlmiş əsas vəzifəsini şərəflə yerinə yetirəcəkdir. Hamınıza öz təşəkkürümü bildirirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Fərhad müəllim. Biz bir daha Konstitusiya Məhkəməsinin hakimlərini təbrik edir, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq! Sağ olun. (Alqışlar.)
Gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Buyurun, Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun. Cənab Sədr,  icazə versəydiniz, bir-biri ilə üzvi surətdə bağlı olan üçüncü və dördüncü məsələlər, yəni Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qanun layihələri barədə də məlumat verərdim. Təbii ki, bu məsələlər ayrı-ayrılıqda səsə qoyulacaq.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynov. Hamınıza məlumdur ki, ölkəmizdə həyata keçirilən iqtisadi və institusional islahatların uğurunun vacib şərtlərindən biri də müstəqil və effektiv məhkəmə sistemidir. Ölkə  Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində son illər bir sıra mühüm addımlar atılmışdır. Onlardan ən vacib “Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli fərmandır.
Məhkəmə sahəsində islahatlara cavabdeh orqan  –  Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəsinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ciddi iş aparılmış, qanun pozuntuları, süründürməçilik və bu kimi digər halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.  Məhkəmə-Hüquq  Şurası tərəfindən xüsusi tələbkarlıq nümayiş etdirilərək, hakim korpusunun fəaliyyəti prinsipial qiymətləndirilmiş və intizam icraatları üzrə son 3 il ərzində 40-dan çox hakimin səlahiyyətlərinə xitam verilmiş, 100-dək hakim intizam məsuliyyətinə cəlb edilmişdir. O cümlədən Məhkəmə-Hüquq Şurasının bu ilin fevral ayında keçirilmiş iclasında vətəndaşların əsassız həbsə alınması hallarına yol verdiklərinə görə 3 hakimin səlahiyyətlərinə xitam verilmiş, 2 nəfərin iş yerinin dəyişdirilməsi barədə qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, 2007-ci ildən sonra parlamentdə qəbul olunmuş  qanunlara əsasən yeni regional apellyasiya və iqtisad məhkəmələri yaradılaraq fəaliyyətləri təmin edilmişdir. Bütövlükdə işlərin xeyli artması ilə əlaqədar olaraq hakim ştatlarının sayı 50 faiz, məhkəmə aparatı işçilərinin sayı isə 60 faizədək artırılmışdır.
Ötən dövr ərzində məhkəmə proseslərinin keyfiyyətinin artırılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə də bir sıra tədbirlər görülmüşdür. Onlarla yeni məhkəmə binaları inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur.
Hörmətli həmkarlar, hazırda sizə Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin siyahısı təqdim olunmuşdur. İndiki şəraitdə Azərbaycan Respublikasının Ali Məhkəməsində 8, respublikanın beş apellyasiya məhkəməsində isə cəmi 35 hakim ştatı vakantdır. Eyni zamanda, bu məhkəmələrin bir çox hakimlərinin 2000-ci ildə təyin olunmaları ilə bağlı, – onlar 10 il müddətinə təyin olunmuşdular, – səlahiyyət müddətləri artıq bitmək üzrədir. Bir sıra şəxslər də pensiya yaşına çatmışlar. Məlumat üçün bildirmək istəyirəm ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı maddəsinə görə hakim səlahiyyətlərinin yerinə yetirilməsində son yaş həddi 65-dir. Beləliklə, bu kateqoriyadan olan, yəni səlahiyyət müddətləri bitmiş və pensiya yaşı çatmış şəxslər cəmi 56 nəfərdir.
Bununla əlaqədar, Məhkəmə-Hüquq Şurası son dövrdə qiymətləndirmələr aparmış, çox gərgin fəaliyyət göstərmişdir. Şura          ali və apellyasiya məhkəmələrinin komplektləşdirilməsi üçün cənab Prezidentə 81 nəfərin təyinatı ilə bağlı təkliflər vermiş                     və cənab Prezident tərəfindən Azərbaycan Respublikası Al     Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin hakimlərinin təyinatı ilə əlaqədar məsələlər müzakirənizə təqdim olunmuşdur.
Ali Məhkəmə üzrə məlumat vermək istəyirəm ki, Prezidentin hələ 2006-cı il fərmanı ilə Ali Məhkəmənin ştatı 27-dən 38-ə yüksəlmişdir. Faktiki olaraq, hazırda Ali Məhkəmədə 30 hakim fəaliyyət göstərir,  8 ştat vakantdır. Ali Məhkəmədə çalışan hakimlərin 17 nəfəri Milli Məclis tərəfindən 2000-ci il 21 iyul, 3 nəfəri isə 2000-ci il 28 avqust tarixində 10 il müddətinə hakim vəzifəsinə təyin olunmuşdur. Təbii ki, onların səlahiyyət müddəti bu ilin 21 iyul və 28 avqust tarixlərində bitir. Həmin şəxslərin fəaliyyəti Məhkəmə-Hüquq  Şurası tərəfindən qiymətləndirilmiş və onlardan 15 nəfər tutduqları vəzifəyə uyğun hesab edilərək, barələrində yenidən təqdimat verilmişdir.
Barəsində təqdimat verilmiş 1 nəfər pensiya yaşına, yəni qanunda göstərilmiş 65 yaşa çatsa da, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı və həmin qanunun keçid müddəalarının 7-ci bəndinə müvafiq olaraq, onun peşəkarlığı və təcrübəsindən istifadə ehtiyacı ilə əlaqədar səlahiyyət müddətinin 70 yaşınadək uzadılması nəzərdə tutulur. Bu, Ali Məhkəmənin hazırda fəaliyyət göstərən hakimi hörmətli Hidayev Şahmurad müəllimdir. Ali Məhkəmədə səlahiyyət müddəti bitən və pensiya yaşına çatmış digər 5 hakimin səlahiyyət müddətinin uzadılması nəzərdə tutulmur. Onların 3 nəfərinin 70 yaşı, 2 nəfərinin isə 69 yaşı tamam olmuşdur.
Ali Məhkəmənin vakant ştatlarının komplektləşdirilməsi məqsədi ilə məhkəməyə 7 yeni hakimin təyinatı nəzərdə tutulmuşdur. Onlardan üçü Bakı Apellyasiya Məhkəməsində, ikisi Şirvan Apellyasiya Məhkəməsində, biri Naxçıvan Ali Məhkəməsində, biri isə Bakı şəhər Səbail rayonu məhkəməsində fəaliyyət göstərən hakimlərdir.
Hörmətli millət vəkilləri, barəsində təqdimat verilmiş digər  36 nəfər isə yeni namizədlərdir. Ümumiləşdirərək qeyd etmək istəyirəm ki, apellyasiya instansiyalarına təyinatı nəzərdə tutulan bu 36 nəfərin 27-si son dövrlərdə tətbiq olunan müasir test üsulu ilə seçilmiş, zamanında uzunmüddətli tədris kursları keçmiş və 2007–2008-ci illərdə təyinat almış şəxslərdir. Onların hakim kimi təcrübəsinin o qədər də çox olmadığına baxmayaraq, mən Məhkəmə-Hüquq Şurasının üzvü kimi, tam məsuliyyətlə demək istəyirəm ki, irəli çəkilən bu şəxslər Azərbaycan məhkəmə korpusunun ən nümunəvi nümayəndələridir. Onların haqqında heç zaman intizam icraatı başlamamış və onlar fəaliyyətlərində hər hansı bir qanun pozuntusuna yol verməmişlər.
Beləliklə, bu təyinatlardan sonra həm Azərbaycan Respublikasının Ali Məhkəməsi, həm regional apellyasiya məhkəmələri, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, əsasən, komplektləşdiriləcək və vakant yerlərin sayı azalacaq. Mövcud şəraitdə, təbii ki, baxılan  işlərin sayı artır. Ona görə də hakim korpusunun regionlarda  və Ali Məhkəmədə  tam komplektləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün demək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası və Seçki Komitəsi tərəfindən növbəti mərhələdə hakimlərin test imtahanlarında seçilməsi təmin olunmuşdur. Bu üsulla seçilən şəxslər Türkiyədə tədris kurslarında olmuşlar. Təbii ki, bizim bu təyinatlar nəticəsində bir sıra birinci instansiya məhkəmələrində vakant yerlər yaranacaq və növbəti mərhələdə, yəni payızda birinci instansiya məhkəmələrinə cənab Prezident tərəfindən namizədlər göstəriləcəkdir.
Hörmətli millət vəkilləri, mən qısa olaraq həm Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən, həm də bütövlükdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər barədə məlumat verdim. İnanıram ki, cənab Prezident tərəfindən barələrində təqdimat verilmiş bu şəxslərin namizədliyi parlamentdə də dəstəklənəcək və  onlar müstəqil Azərbaycanın müstəqil məhkəmə sisteminin daha da möhkəmləndirilməsi yönündə fəaliyyət göstərəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm, tabloda daha yer qalmayıb. Məndəki siyahıda da çıxışa yazılanlar çoxdur. Ona görə təklif edirəm ki, reqlament 5 dəqiqə olsun. Xahiş edirəm, qısa, 5 dəqiqə. Buyursun Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Əli müəllim bütün namizədləri birlikdə təqdim etməklə bizə də imkan yaratdı ki, onlara bütövlükdə öz münasibətimizi bildirək. Mən Konstitusiya Məhkəməsinin hakimlərinin təyin olunması ilə bağlı  fikirlərimi ümumi şəkildə bildirdim. Amma bir halda ki, burada söhbət həm apellyasiya, həm də Ali Məhkəmə hakimlərinin təyin olunmasından gedir, bütövlükdə məhkəmə sistemi haqqında fikirlərimi respublikanın qanunvericilik orqanının kürsüsündən bildirməyi mən zəruri sayıram.
İllər boyu aparılan sorğu və rəylərin öyrənilməsi, o cümlədən deputat olaraq seçicilərimizlə, bütövlükdə Azərbaycan Respublikasının vətəndaşları ilə apardığımız iş, onların müraciətləri göstərir ki, məhkəmələrə etimad artmır. Burada hörmətli Əli müəllimin son dövrdə məhkəmə-hüquq sistemindəki islahatlardan, uğurlardan danışmasına baxmayaraq, hakimiyyətin üç qolu arasında ən az etimad göstərilən qolu, –  bunu hörmətli hakimlərimiz mütləq nəzərə almalıdırlar, – məhz məhkəmə sistemidir. Nəyə görə bu belədir? Ona görə ki, Azərbaycanda ən çox pozulan şey qanunlardır və bu qanunların pozulması üzündən əziyyət çəkən vətəndaşlar məhkəməyə müraciət edir, ədaləti orada arayıb-axtarır, lakin tapa bilmirlər. Bu baxımdan, – bir daha təkrar edirəm, – məhkəmə Azərbaycanda hakimiyyət qolları içərisində ən az etimad göstərilən hakimiyyət qolu olaraq qalır.
Bu həmin məhkəmələrdir ki, məsələn, Eynulla Fətullayevin həbsdən azad olunması haqqında Avropa Məhkəməsinin çıxardığı qərarın yerinə  yetirilməsi üçün heç bir tədbir görmür. Halbuki bizim Konstitusiyaya görə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasında məcburi qüvvəyə malikdir. Bu həmin məhkəmələrdir ki, ola bilsin, səhv edərək,  yaxud təzyiqlərə məruz qalaraq Adnan Hacızadə və Emin Milli haqqında biabırçı bir qərar çıxarır və bu qərarı apellyasiya məhkəməsi, Ali Məhkəmə də qüvvədə saxlayır. Bu həmin məhkəmələrdir ki, inzibati xətalara, məsələn, mitinqlərə, nümayişlərə, digər kütləvi aksiyalara görə insanlara sutkalarla həbs cəzası kəsir. Belə misalların sayını çox artırmaq olar.
Bu məhkəmələrdə sadə vətəndaşların, seçicilərimizin  hüquqlarının necə qorunduğu hamıya məlumdur. İnsanlar belə bir sarsılmaz inama malikdirlər ki, məhkəmələrdə xüsusən mülki hüquqların pozulması ilə bağlı işlərə baxılarkən pulsuz, rüşvətsiz, korrupsiyasız heç nəyə nail olmaq mümkün deyildir, pozulmuş mülkiyyət hüquqlarını yalnız və yalnız korrupsiya və rüşvət vasitəsilə bərpa etmək olar.
Bunun əsas səbəbi odur ki, Azərbaycan Respublikasında müstəqil məhkəmələr yoxdur. Məhkəmə-Hüquq Şurasının bu hakimlərin təyinatı ilə bağlı müəyyən hüquqları genişləndirilir. Amma həmin Məhkəmə-Hüquq Şurasının özü də icra hakimiyyətinin bir qoludur və onun rəhbəri də hörmətli ədliyyə naziridir. Oradakı təyinatlar da icra hakimiyyətinin başçısı tərəfindən həyata keçirilir. O baxımdan Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Respublikası vətəndaşlarının etimad göstərdiyi şəxs olaraq, Azərbaycanda  ədalət mühakiməsinə və məhkəmə sisteminə inamın qaytarılmasını buradakı hörmətli hakimlərin qarşısında bir vəzifə kimi qoyur və onlardan bu etimadın qaytarılması üçün ciddi şəkildə fəaliyyət göstərmələrini tələb edirik. Mən çox arzu edərdim ki,  bu istiqamətdə ciddi irəliləyişlər olsun. Şübhəsiz ki, bu, siyasi rejim məsələsidir və əvvəl-axır Azərbaycanın məhkəmə sistemində həqiq islahatlar aparılacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ ol. Amma bir şeyi də nəzərə almaq lazımdır, Pənah bəy. Məhkəmə sistemi elə bir sistemdir ki, orada hökmən narazı tərəf və razı tərəf olacaq. Sən ancaq narazı tərəf mövqeyindən danışdın, razı tərəflər kənarda qaldı. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, hörmətli hakimlər! Mən də çox arzulayardım ki, Azərbaycanda məhkəmə sistemi Azərbaycan vətəndaşının güvənc yeri olsun, Azərbaycan vətəndaşı onun haqqının harada tapdalanmasından asılı olmayaraq məhkəmədə öz hüquqlarını bərpa edə bilsin və Azərbaycan dövləti adından çıxarılan qərarlar hər zaman ədalətli olsun. Təəssüflər olsun ki, Azərbaycan vətəndaşı bu gün Azərbaycan məhkəmələrinə güvənmir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti adından çıxarılan qərarlara da güvənmir.
Mən indi konkret faktlar gətirib bir sıra məsələlərə toxunmaq istəyirəm. Əvvəla, çox təəssüflər olsun ki, Məhkəmə-Hüquq Şurası hakimlərin  bizə təqdim olunmuş bu siyahısındakı neçə hakimin baxdığı işlərin Avropa Məhkəməsi tərəfindən ləğv edilərək, Azərbaycanın üzərinə  qaytarılıb, müəyyən cərimələr tətbiq edilməsini nəzərə almayıb. Mən barələrində təqdimat yazılmış bu hakimlərin adlarını çəkmək istəmirəm. Orada hakimlər var ki, Avropa Məhkəməsi onların çıxardığı qərarlardan  birinin yox, bəzən bir neçəsinin əleyhinə qərar çıxarıb, təzədən baxılmaq üçün ger göndərib. Bu, keçən dəfə də belə olmuşdu və mən keçən dəfə də  bu məsələ ilə bağlı mövqeyimi ifadə etmişdim. Heç olmasa, nəzərə  alınmalıydı ki, bu hakimlərin çıxardığı qərarlar Avropa Məhkəməsi tərəfindən qanunsuz hesab edilərək bura göndərilirsə, bu, Azərbaycan dövlətinin adına ziyandır.
İkincisi, Azərbaycanda çox qəribə bir tendensiya formalaşıb və bu məsələni mən Milli Məclisdə artıq bir dəfə qaldırmışam. Apellyasiya məhkəməsi həbs olunmuş şəxsin azad edilməsi haqqında qərar çıxaranda o şəxs 7 gün müddətində buraxılmalı olsa da, buraxılmır. Əgər məhkəmə  hakimiyyətin müstəqil qoludursa, hakimlərin çıxardığı qərara hörmətlə yanaşılmalı və apellyasiya şikayətinin verildiyi müddətdə dövlət ittihamını müdafiə edən və yaxud da istintaqı həyata keçirən hər hansı bir orqanın  həmin adam haqqında həbs qətimkan tədbiri saxlanılmamalıdır.
Bir şeyi də qeyd edim. Azərbaycanın hüquq mühafizə orqanlarından hər hansı biri vətəndaşların xuliqanlıqla, az ictimai təhlükəliliklə bağlı işini aparırsa, hamısı barədə ucdantutma həbs qətimkan tədbiri seçir. Kim tutulub aparılırsa, haqqında ucdantutma həbs qətimkan tədbiri seçilir. Bilinmir niyə, nədən ötrü? Hakimlər qərar qəbul edərkən bir düşünsünlər, bu adamın ictimai təhlükəliliyi nə qədərdir ki, bunun barəsində mən həbs qətimkan tədbiri seçməliyəm. Həbs qətimkan tədbiri seçmək həm dövlətin büdcəsinə ziyandır, həm də məhkəmə haqqında vətəndaşın yanlış fikrini formalaşdırır. Çox təəssüflər olsun ki, həm prokurorluq, həm də məhkəmə orqanları  ədalət mühakiməsini həyata keçirən orqandan daha çox, adamları həbs edən bir orqan kimi yadda qalır. Amma məhkəmə və prokurorluq ədaləti bərpa edən yerdir. Azərbaycanda, çox təəssüflər olsun ki, bunların heç biri vətəndaş tərəfindən artıq assosiativ olaraq bu cür qəbul olunmur. Hamı hesab edir ki, məhkəmə ədaləti bərqərar edən tərəf deyil, məhkəməyə getdisə,  bunu həbs edəcəklər.
Mən istəyərdim ki, təyin olunan hörmətli hakimlər bu vəzifədə çalışacaqları növbəti illər ərzində Azərbaycan Məhkəməsinin nüfuzunu qaldırsınlar, Azərbaycan cəmiyyətində ədalətin bərpa olunmasında fəal iştirak etsinlər və Azərbaycanın məhkəmə sistemi tarixində yeni bir dövrün başlanğıcını qoya bilsinlər. Bu, –  bayaq məndən əvvəl çıxış edən həmkarım da dedi, –  təbii ki, həm də bir siyasi sistem məsələsidir. Biz  arzu edirik ki, bu siyasi sistemin içərisində gerçək islahatlar həyata keçirilsin və o gerçək islahatların nəticəsində məhkəmədə, doğrudan da, müstəqil hakimlər qərar qəbul edə bilsinlər. Bu hakimlərə isə mən ədaləti, qanunu və Allahı hər zaman başlarının üstündə görməyi arzu edirəm. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələ ilə bağlı parlamentə təqdim edilmiş namizədləri mən müsbət qiymətləndirirəm. Bu insanların hər biri əvvəl çalışdıqları yerlərdə qanunun aliliyinə, dövlətin nüfuzu məsələlərinə çox böyük hörmətlə yanaşmış və fəaliyyətləri ilə bu yüksək vəzifəyə təyin edilməyə layiq olduqlarını sübut etmişlər.
Müzakirələrdən göründüyü kimi, bu gün biz hakimlərin təyinatından daha çox Azərbaycan məhkəmələrinin fəaliyyətinə qiymət verməklə məşğuluq. Buna mən təbii baxıram və hesab edirəm ki,  Azərbaycanda faktiki olaraq 1993-cü ildə müstəqil dövlətin qurulduğu dövrdən bəri məhkəmə sistemində, hüquq mühafizə orqanlarında aparılan islahatlar nəticəsində bu gün biz öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirən bir məhkəmə sisteminin yaranmasının şahidiyik. Eyni zamanda, biz ciddi tələblər, hakim korpusunun mükəmməl hazırlığına yönələn addımlar nəticəsində bu gün öz işini, Azərbaycan qanunlarını dərindən bilən, beynəlxalq konvensiyalardan yararlanan hakim korpusunun da formalaşmasına nail olmuşuq.
Bu gün məhkəmələr Azərbaycan dövlətinin yaxşı mənada güzgüsünə, vətəndaşların bir inam yerinə, ədalətin bərpa olunduğu bir orqana çevrilmişlər. Düzdür, ayrı-ayrı hakimlərin fəaliyyəti və yaxud  qüsurlu fəaliyyəti barəsində saatlarla danışmaq olar. Ancaq iş bundadır ki,  parlamentin komitə sədri Əli Hüseynovun da bildirdiyi kimi, dövlət bu cür hakimlərin aşkarlanması və tezliklə sistemdən uzaqlaşdırılması üçün çox böyük iş görür. Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən Məhkəmə-Hüquq Şurası vaxtaşırı ayrı-ayrı hakimlərin səlahiyyətinin dayandırılması və ya tənbehlənməsi barəsində qərarlar qəbul edir. Məgər bu, hakim korpusuna dövlətin ciddi nəzarəti və qanunun aliliyi prinsipini rəhbər tutmağa çağırışı demək deyilmi? Birmənalı şəkildə demək olar ki, bu gün məhkəmələrin yeni simasının yaradılması istiqamətində çox böyük işlər görülür.
Əlbəttə, mən məsələyə siyasi cəhətdən yanaşmaq, ayrı-ayrı faktları göstərərək hakim korpusunu, ümumilikdə Azərbaycan məhkəmə sistemini hörmətdən salmaq, ləkələmək cəhdlərinin də tamamilə təbii olduğunu başa düşürəm. Kimlərsə qarşıdan gələn parlament seçkilərində özünün müxalifətçi obrazını daha da gücləndirmək, kimlərsə, sadəcə olaraq, Azərbaycan  məhkəmələrini nüfuzdan salmaq marağını ortaya qoya bilər. Məhkəmələrdən hamının razı qalması qeyri-mümkündür. Məhkəmə  iki əks tərəfin mübahisəsini araşdıran bir orqandır. Təbii ki, arzusu həyata keçməyən tərəf narazı qalacaq. Eyni zamanda, etiraf etməliyik ki, cəmiyyətin bir hissəsi qanunu dərindən bilmir və arzusunun həyata keçməməsini məhkəmənin ədalətsizliyi kimi qəbul edir. Ona görə məhkəmələrin fəaliyyətinə birtərəfli, qeyri-hüquqi yanaşmaq qətiyyən doğru deyil.
Burada Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı nümunə gətirildi. Azərbaycan Avropa ailəsinin bir üzvü, hüquqi, demokratik bir dövlətdir. Ona görə də mən  ayrı-ayrı vətəndaşlarımızın bu məhkəməyə müraciət etməsinə normal baxıram. Statistikaya baxanda məlum olur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə Avropanın inkişaf etmiş demokratik ölkələrindən daha çox şikayət daxil olur. Ancaq onlar parlamentdə heç bir zaman öz hökumətlərini və hakim korpusunu  səriştəsizlikdə ittiham etmirlər. Təbii ki, harada həyat varsa, insan münasibətləri varsa, orada razı tərəf də, narazı tərəf də olacaq. Əlbəttə, məhkəmənin işində səhvlər də ola bilər.
Hesab edirəm ki, məhkəmələrə hakimlərin təyinatı məsələsini bu gün siyasiləşdirməyə qətiyyən ehtiyac yoxdur. Bizə təqdim edilən namizədlərin böyük əksəriyyətini şəxsən  tanıyıram və onların öz vəzifəsinə yüksək məsuliyyətlə yanaşmasının şahidiyəm.
Bir-iki təklif də vermək istəyirəm. Birincisi, hakimlərin yüksək maaş və xidməti maşınla  təmin edilməsi, eyni zamanda, iş şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərə yenidən baxılmalıdır. Azərbaycan  Respublikası Ali Məhkəməsinin gözəl binası tikildi, hamımız ondan böyük fəxarət duyuruq. Hesab edirəm ki, rayonlarda da apellyasiya və rayon, şəhər məhkəmələri binalarının tikilməsi...
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Amma bir şeyi demək istəyirəm. Burada nəyə isə qarşı çıxan parlament deyil, bəzi müxalif deputatlardır. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki nəfər təkid edir. Yaxşı. Sabir Rüstəmxanlı, buyur.
S.Rüstəmxanlı. Hörmətli Məclis! Mənim xatırladığıma görə, Milli Məclisdə hakimlərin  təyin edilməsi məsələsinə baxılması təcrübəsində ilk dəfədir ki, belə geniş və maraqlı müzakirə keçirilir. Ona görə bu müzakirəyə müsbət yanaşmaq lazımdır. Məclislə hüquq mühafizə  və məhkəmə sisteminin bu cür əlaqəsinə ciddi ehtiyac var. Millət vəkillərinin müəyyən sözləri var, bu sözləri demək istəyirlər və bu tənqidlərə də o dəqiqə siyasi maraq damğası vurmaq lazım deyil. Biz bir ölkədə yaşayır və bu ölkənin təəssübünü də, ağrılarını da hamımız bir yerdə çəkirik. Ona görə də çox xahiş edirəm, kimin ürəyində sözü var, desin və heç kim də heç kimi ittiham etməsin. Biz Ayda yaşamırıq və ölkədə baş verən bütün proseslərdən xəbərimiz var. Mən də hakimliyə namizədliyi təqdim olunan adamların hamısına səs verəcəyəm. Onların çoxunu şəxsən tanıyıram, aralarında çox ləyaqətli insanlar, illər uzunu Azərbaycanın hüquq mühafizə sistemində xidmət etmiş, zəhmət çəkmiş adamlar var.
Amma eyni zamanda, məhkəmə sistemindəki qüsurlar da göz qabağındadır. Mən bu qüsurları yalnız məhkəmə sistemi ilə bağlamaq istəmirəm. Çünki məhkəmə də cəmiyyətin bir parçasıdır və əslində, cəmiyyət bir cür, məhkəmə sistemi başqa cür ola bilməz. Ona görə biz bu məsələlərə kompleks yanaşmalı və çalışmalıyıq ki, bütövlüklə hüquq mühafizə sistemində və ölkəmizin bütün başqa sahələrində bir ədalət olsun. Onda məhkəmənin də işi daha yaxşı qurula bilər.
Mən bu yaxınlarda Avropa mətbuatında bir yerdə oxudum ki, Azərbaycan yaşayışın səviyyəsinə görə yox, keyfiyyətinə görə indiki MDB ölkələrinin çoxundan, hətta Ermənistan və Gürcüstandan geri qalır. Mən bu statistikaya inanmıram və yaxud onu etalon saymıram. Amma bu, Avropa mətbuatında yayılıb. Yazırlar ki, Azərbaycan iqtisadi göstəricilərinə, yaşayışın səviyyəsinə, adambaşına düşən  məhsula görə bu ölkələrin çoxundan irəlidə olsa da, yaşayışın keyfiyyətinə görə geridədir. Bunu onunla izah edirlər ki, insanlar öz ölkələrində ədalətin həmişə qələbə çalacağına, hüquqlarının qorunacağına az inanırlar, rahat yaşamaq imkanları məhduddur, qaçqınları var, müharibə var və sair.
Mən hesab edirəm ki, biz buna belə xor baxmalı deyilik, bu barədə düşünməliyik. Çünki bunun məsuliyyətinin bir hissəsi də bizim hüquq mühafizə sisteminin üzərinə düşür. Adamlar özlərinin müdafiə olunduqlarına arxayın olmalı, ədalətin bərqərar olacağına, haqqın qələbə çalacağına həmişə inanmalıdırlar. Bizim istəyimiz də budur. Bu  mənada məhkəmələr, məncə, asılılıqdan qurtarmalıdır.
Mənim qeyd etmək istədiyim məsələlərdən birini burada artıq İqbal bəy dedi. Kim məhkəməyə düşürsə, ona qarşı qətimkan tədbiri tətbiq olunur. Məncə, bir sıra ölkələrdən nümunə götürmək lazımdır. Biz bunu cərimə ilə əvəz edə bilərik. Adamların hamısının üstünə bu damğanı vurmaq lazım deyil. Məncə, indi cinayət sayılan müəyyən şeylər üçün cəza bir az daha yüngül cəza ilə əvəz olunmalıdır.
Nəhayət, mən istərdim ki, işə qəbul üçün aparılan testlərdən sonra şifahi sorğularda iştirakçılara bir az daha obyektiv yanaşılsın. Bəzən  hüquq mühafizə sistemində test aparılanda testdən yüksək qiymət alan adamlar sonra şifahi sorğuda kəsilirlər. Bunun səbəbini biz subyektiv amillərlə bağlayırıq. Bununla bağlı bizə çoxlu müraciətlər olub.  Mən elə hesab edirəm ki, bu barədə düşünmək lazımdır.
Son olaraq bir şeyi də qeyd etmək istərdim. Keçən həftə biz burada “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul etdik. Çox gözəl bir qanundur. Amma unutmaq olmaz ki, cəmiyyətdə bir normativ münasibətlər sistemi də var. Mən bu barədə keçən dəfə danışdım. Bəlkə bir yoldaşlıq ərkidir, bəlkə heç bunu deməyə ehtiyac yoxdur. Amma mən hesab edirəm ki, hər sözün bir əhəmiyyəti var. Biz bu gün Konstitusiya Məhkəməsinə çox dəyərli insanları təsdiq etdik və onlar da çıxıb and içdilər. Bu Məclis onları çox böyük təriflə və gözəl sözlərlə seçdi. Mən gözləyirdim ki, onlar o kürsüyə çıxanda, heç olmasa, biri desin ki: “Ay Məclis, əvvəla, salaməleyküm, sabahınız xeyir. Çox sağ olun ki, bizi burada təsdiq etdiniz, hamınıza minnətdarlığımızı bildiririk”. Durub mexaniki şəkildə andı oxuyub düşmək... Mənə elə gəlir ki, bu da normativ münasibətlər sistemində müəyyən təkmilləşməyə ehtiyac olduğunu göstərir. Hamınıza təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Zahid Orucov.
Z.Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis üzvləri, hörmətli qonaqlar! Açığı, mən həmkarlarımın müzakirənin əleyhinə bu şəkildə çıxmasını qəbul etmirəm. Onların hər birinə böyük hörmətim var və qonaqların yanında parlament üzvünün ünvanına nə isə söyləmək  istəmirəm. Amma bir az sonra, bəlkə bugünkü gün də daxil olmaqla biz bu salondan çıxıb hansısa qurumlara, orqanlara zəng vurub nəyi isə xahiş edəcəyik. Ona görə də heç olmasa, müzakirə gününün  özündə 5 dəqiqəlik söz demək imkanını gəlin özümüz öz əlimizdən almayaq.
Mən birinci növbədə hesab edirəm ki, məhkəmə qurumları siyasiləşməyib. Əksinə, məhkəmə qurumlarına siyasi münasibət var. Bu da təbiidir, başa düşüləndir. Çünki hakimiyyət uğrunda mübarizə bir sıra qüvvələrin baxışlarına görə, həm də məhkəmə orqanlarına münasibətdən keçir. Xüsusilə insan haqları amili üzərində manipulyasiya edən qurumlar, qüvvələr, təşkilatlar, hətta bu səlahiyyəti mənimsəmiş insanlar məhkəmə qurumlarının fəaliyyətini qeyri-düzgün formada qələmə verməkdə maraqlıdırlar.
Amma gəlin etiraf edək ki, bunun subyektiv tərəfləri də olub. Həqiqətən, bu sistemə ədalətdən uzaq, hüquq işini peşəkar bilməyən insanlar da yerləşmiş olublar və onların fəaliyyətindən müəyyən təəssüratlar yaranıb.
Eyni zamanda, bunun obyektiv tərəfi də var. Mən istəyirəm, onu göz önünə alım. Biz hansı cəmiyyətdən çıxdığımızı və ötən dövrdə hansı münasibətlərin mövcud olduğunu görməliyik. Mən sovet dövründən danışmıram. Yəni mülkiyyətin xarakteri dəyişir. Məcburi köçkünlərin gəlib məskunlaşması ilə onların bir mülkiyyət üzərində mövcudluğu və digər insanlarla aralarındakı münasibət, müharibənin problemləri və sair. Bunların hər biri bir məhkəmə predmeti yaradırdı.
İkincisi, burada az qala bir hüquqsuz cəmiyyət obrazı yaratmaq istəyirlər. Mən bunu qətiyyən qəbul etmirəm. Əlbəttə, kim isə yanlış qərarlar verə bilər. Biz bəzən özümüz də məhkəmənin hər hansı səhv qərarından haralara isə müraciət edirik. Amma onlar müəyyən bir etalonu, müəyyən bir modeli saxlamasaydı bu cəmiyyətdə sadəcə sosial partlayışlar olardı. Mən məhkəmə qurumlarında kifayət qədər peşəkarların olduğunu, məsələn, təmsil etdiyim Bərdə bölgəsində çox peşəkar bir insanın indiki dövrdə bu işi apardığını qeyd etmək istəyirəm. Ona görə də düşünürəm ki, bu məsələyə belə şəkildə yanaşma doğru deyil.
Əli müəllim qeyd etdi ki, işə qəbul sistemində test imtahanları çox önəmli rol oynadı. Həqiqətən, ədalətsiz bir mexanizmlə məhkəmə qurumuna gəlib çatan şəxs o ədalətsizliyi işində də davam etdirəsidir. Ona görə biz birinci növbədə qəbul mexanizmini peşəkar qurmalıyıq.
Mən düşünürəm ki, məhkəmə hakimiyyətinin fəaliyyəti təkcə özünə deyil, hakimiyyətin digər iki qoluna da münasibəti müəyyən edir. Yəni onların fəaliyyətindən həm ali icra orqanına, həm də parlament orqanına münasibət formalaşır. Ona görə bu gün parlamentdən səs alan insanlar düşünməlidirlər ki, onlar həm də bizi və dövlət başçısını təmsil edirlər. çünki qərarlar məhz dövlətin adından çıxır. Əlbət ki, hələ də xahiş sistemimiz qalır. İçərisində biz də bulunuruq. Başqa amillər də ola bilir. Amma mən çox arzulayıram ki, o insanlar öz işlərində ədaləti birinci yerə qoysunlar.
Mənim onlardan xüsusi olaraq umduğum bir şey də var. Bu da  bizim məhkəmə qurumlarının Xocalı ilə bağlı verəcəyi hökmdür. Çünki insanlarımız, cəmiyyət bunu gözləyir.
Bütövlükdə götürdükdə mən irəli sürülmüş namizədlərə səs verəcəyəm və onlara uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Mən gördüm ki, artıq millət vəkillərindən bir seçildiyi bölgədə hakimi reklama başladı. Belə getsə, növbəti çıxışlar da bu ruhda davam edəcək. Ona görə mən də hesab edirəm ki, müzakirələr saxlamaq və səsverməyə keçmək lazımdır. Müzakirələri bir yerdə etdik, ancaq səsvermə ayrı-ayrı keçiriləcək. Xahiş edirəm, Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qanun layihəsinəsiyahı üzrə, – siyahılar sizdə var, – münasibət bildirəsiniz.

Səsvermənin nəticələri                        (saat 12.55 dəq.)
Lehinə                                                                        98
Əleyhinə                                                                      4
Bitərəf                                                                         0
Səs verməd                                                                 0
İştirak edir                                                                 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 12.55 dəq.)
Lehinə                                                                       98
Əleyhinə                                                                     3
Bitərəf                                                                        1
Səs verməd                                                                0
İştirak edir                                                                102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 12.56 dəq.)
Lehinə                                                                        96
Əleyhinə                                                                      3
Bitərəf                                                                         0
Səs verməd                                                                 1
İştirak edir                                                                 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bütün hakimlərimizi təbrik edir, onlara işlərində prinsipial və ədalətli mövqe tutmağı arzulayırıq. (Alqışlar.)
Mən indi hakimlərimizdən xahiş edirəm ki, əgər imkanları varsa, qalıb gündəliyin növbəti məsələsinin – “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin  müzakirəsinə qulaq assınlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev söz istəyir. Buyursun.
R.Rzayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, qanunların təkmilləşdirilməsində, insan  hüquq və azadlıqlarının qorunmasında, hakimlərin müstəqilliyinin təmin edilməsində, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsində möhtərəm Prezidentimiz və dövlətimiz tərəfindən böyük işlər görülür. Bu gün burada qəbul olunan qanunlar, əminəm ki, ədalət mühakiməsinin inkişafına öz töhfəsini verəcəkdir. Mən vəzifəyə təyin etdiyiniz hakimlər adından hər birinizə təşəkkürümü bildirir və Milli Məclisin fəaliyyətinə uğurlar arzulayıram! Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Ramiz müəllim. İndi hakimlərin də burada olması, yəqin, hamımız üçün xeyirli olar. Növbəti məsələmiz “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynov buyursun. 
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Artıq cənab Sədrin qeyd etdiyi kimi, cənab Prezident tərəfindən məhkəmələrin və hakimlərin fəaliyyətini tənzimləyən qanunlara əlavələr və dəyişikliklər təklif olunub. Mən bu təklifləri qruplaşdıraraq əsas  mahiyyətini sizin diqqətinizə çatdırmağa cəhd edəcəyəm. Birinci qrup dəyişikliklər yeni məhkəmələrin yaradılması ilə əlaqədardır və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 19-cu maddəsi ilə bağlıdır. Bildiyiniz kimi, “İnzibati icraat haqqında” Qanun və İnzibati Prosessual Məcəllə 2011-ci ilin yanvar ayından qüvvəyə minəcəkdir. Bununla əlaqədar olaraq, yerli iqtisad məhkəmələrinin əsasında inzibati və iqtisadi mübahisələrə baxan məhkəmələrin yaradılması nəzərdə tutulur.
İkincisi, hazırda bilirsiniz ki, ölkəmizdə kassasiya instansiyası məhkəməsindən, yəni Ali Məhkəmədən başqa yurisdiksiyası respublikamızın bütün ərazisinə aid olan iki məhkəmə  fəaliyyət göstərir: Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi. Etiraf etmək lazımdır ki, bu məhkəmələrin Bakıda yerləşməsi müraciət imkanlarını məhdudlaşdırır, çünki vətəndaşlar Azərbaycan  ərazisinin hər yerindən müraciət edirlər. Amma əsas narahatlıq ondan ibarətdir ki, həm cinayət törətmiş şəxslərin məhkəmə binasına,  iclas zalına gətirilməsi, həm də şahidlərin, zərərçəkmiş şəxslərin dəvət olunması  kifayət qədər ciddi problem yaradır. Yəni bu qəbildən olan cinayətlərlə bağlı işlərə ancaq Bakıda baxılır. Bu baxımdan, hesab olunur ki, bu məhkəmələrdə də struktur islahatlarının aparılmasına ehtiyac var.
Bilirsiniz ki, zamanında biz regional apellyasiya məhkəmələrini yaratdıq. Bu gün artıq ölkə vətəndaşları bu sistemdən bəhrələnirlər, çünki məhkəmələrə müraciət imkanı daha rahat olub. İşlərə sürətli, vaxtında baxılması da təmin olunub. Bununla əlaqədar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin əvəzində həmin funksiyalı regional məhkəmələrin yaradılması nəzərdə tutulur. Təbii ki, əgər  bu gün parlament bu qanuna səs verərsə, cənab Prezidentin fərmanında onların harada yaradılması ilə bağlı göstərişlər olacaq. Amma, əsasən, bu məhkəmələrin hazırda mövcud olan apellyasiya məhkəmələrinin yurisdiksiyalarına, yəni onların yerləşdiyi ərazilərə müvafiq olaraq  yaradılması nəzərdə tutulur.   Eyniadlı hərbi məhkəmənin ləğv edilməsi və onun da funksiyasının regional hərbi məhkəmələrə verilməsi məqbul sayılmışdır.
İkinci qrup əlavə və dəyişikliklər Məhkəmə-Hüquq Şurasının  səlahiyyətlərinin genişlənməsinə aiddir. Təklif olunan düzəlişlərə əsasən hakimlərin yalnız ümumi sayını dövlət  başçısı müəyyən edir. Həmin çərçivədə ayrı-ayrı məhkəmələr üzrə hakimlərin sayının müəyyən edilməsi isə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aiddir. Məlumat üçün demək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası tərəfindən mütəmadi olaraq hakimlərin iş yükünün analizi aparılır. Bəzən bu, dəyişkən olur, müəyyən məhkəmədə hakimlərin sayı artırılır, digərində azaldılır. Təbii ki, bu texniki məsələnin Məhkəmə-Hüquq Şurasının səlahiyyətində olması  daha məqsədəmüvafiq olardı. Amma təbii ki, bütövlükdə hakimlərin sayının müəyyən olunması cənab Prezidentin fərmanı ilə müəyyənləşdirilir. Düzəliş edilərkən Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin artırılmasına dair beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının  tövsiyələri də nəzərə alınmışdır. Bu, təbii ki, Şuranın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmişdir.
Üçüncü qrup dəyişikliklər və əlavələr işlərin hakimlər arasında  bərabər bölüşdürülməsi məqsədi ilə aparılan düzəlişlərdir. Əvvəllər  işlərin hakimlər arasında bölgüsünü məhkəmə sədrləri həyata keçirirdilər. 2008-ci ildə tətbiq olunan təlimatda isə mütərəqqi bölgü metoduna üstünlük verilmişdir. Qeyd edim ki, bu təlimat artıq qüvvədədir və tətbiq olunur. İşlər hakimlər arasında onlar üçün müəyyən edilmiş kodlaşmaya əsasən məhkəmə sədrinin iradəsindən asılı olmayaraq bölünür. Etiraf etmək lazımdır ki, işlərin hakimlər arasında məhkəmə sədri tərəfindən bölünməsi bir sıra hallarda süründürməçiliyə, qeyri-qanuni münasibətlərə, rüşvət hallarına gətirib çıxarırdı. İndi isə məhkəmə sədrinin yeganə  səlahiyyəti təlimata düzgün əməl olunmasına nəzarəti həyata keçirməkdir. Təlimat artıq qüvvədədir. Biz ona qanun qüvvəsi veririk və qanunda da bu müddəa öz əksini tapır. Bu sıradan mövcud olan şikayətlərə də artıq son qoyulmuşdur.
Dördüncü qrup əlavə və dəyişikliklər məhkəmələrin adlarının sadələşdirilməsi ilə bağlıdır. Bir daha xatırlatmaq istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən iki məhkəmənin – Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin və eyniadlı hərbi məhkəmənin adları kifayət qədər mürəkkəbdir. Əslində, məhkəmənin adında onun fəaliyyətinin bütün mənasının ehtiva olunmasına xüsusi bir ehtiyac yoxdur. Təklif olunur ki,  “Ağır cinayətlərə dair işlər üzrə məhkəmə” sözləri “Ağır cinayətlər məhkəməsi” sözləri ilə əvəz edilsin. Təqdimatda qeyd etdim, bu məhkəmələr də regionlarda yaradılacaq, yəni regional məhkəmələr olacaq. 
İkinci, “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr” ifadəsi də, gördüyünüz kimi, çox mürəkkəbdir.  Təklif olunur ki, bu, “inzibati-iqtisadi məhkəmələr” olsun.
Üçüncü, eynilə yuxarı instansiya məhkəmələrində müvafiq  kollegiyaların adlarını da xatırlada bilərəm: mülki işlər üzrə kollegiya, inzibati xətalara dair işlər üzrə kollegiya, iqtisadi mübahisələrə dair  işlər üzrə kollegiya və sair. Göründüyü kimi, bunlar da çox mürəkkəb adlardır. Mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya kimi yeni adların verilməsi məqbul hesab edilmişdir.  Bu məsələ ilə bağlı biz beynəlxalq təcrübəni də öyrənmişik. Beynəlxalq  məhkəmələrin adları da kifayət qədər sadədir. Təbii ki, dil-üslub baxımından mübahisə yaranmasın deyə, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvlərinə də müraciət olunmuşdur və bu barədə müsbət rəy də mövcuddur.
Beşinci qrup təkliflər hakimlərin maddi təminatı ilə bağlıdır. Hazırda ağır cinayətlər üzrə işlərə baxan məhkəmələrin sədrləri qeyd olunan məhkəmələrin yerli deyil, regional xarakterli olmasına görə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində maaş alırlar. Qanuna edilən düzəlişlərlə əlaqədar ölkəmizin digər hərbi məhkəmələri də regional xarakterli olmaqla, yuxarıda qeyd edildiyi kimi, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün cinayət  işlərinə baxacaqlar. Bundan başqa, iri regional inzibati-iqtisadi məhkəmələrin yaradılması nəzərdə tutulur. Müvafiq düzəliş, yəni 106-cı maddəyə edəcəyimiz düzəliş adı çəkilən eyni statuslu, yəni regional prinsip üzrə  təşkil olunan məhkəmələrin hakimlərinin maaşlarını eyniləşdirmək məqsədi güdür. Elə bilirəm ki, hakimlərin statusa uyğun olaraq maddi təminatının eyniləşdirilməsi də ədalətli olacaq.
Altıncı qrup əlavə və dəyişikliklər məhkəmə sədri və Məhkəmə-Hüquq Şurasının üzvü vəzifəsinə iki dəfədən artıq təyin olunmağa qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlıdır. Təklif olunur ki, qeyd olunan qanundan belə bir məhdudiyyəti müəyyən edən müddəalar çıxarılsın. Ümumiyyətlə, biz qanunvericiliyimizin digər sahələrində mövcud olmuş məhdudiyyəti müəyyən edən müddəaları çıxarmışıq. Əslində, onun faktiki olaraq bir mənası yoxdur. Misal üçün, Məhkəmə-Hüquq Şurasının üzvü parlament tərəfindən 5 il müddətinə seçilir. İstənilən halda parlament növbəti dəfə onu seçməyə bilər. Yəni qanunda göstərilən 2  dəfədən artıq olmayan müddət hər hansı bir xüsusi məna ehtiva etmir. Onu təyin etməyə,  seçməyə səlahiyyətli orqan etimad göstərməyib bunu etməyə bilər.
Yeddinci qrup dəyişiklik digər qüsurların aradan qaldırılması ilə bağlıdır. Bu, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 54, 63, 79, 83 və 86-cı maddələri ilə bağlıdır. Qeyd olunan qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı, yəni Ədliyyə Nazirliyi yalnız birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatını həyata keçirir. Amma qanunun müvafiq müddəasını hər halda maliyyə orqanları belə təfsir ediblər ki, həmin icra hakimiyyəti orqanı tərəfindən belə bir funksiya digər instansiya məhkəmələrinə də şamil edilə bilər. Açığı, maliyyə orqanları ilə bağlı belə bir problem olub. Biz burada  dəqiqləşdirmə aparırıq, çünki, həqiqətən də, müvafiq icra hakimiyyəti, yəni Ədliyyə Nazirliyi ancaq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə məşğul olur. Belə bir düzəliş maliyyə strukturları ilə bağlı meydana çıxmış sualların həllinə   xidmət edir. Qanunun 54, 63, 79 və 83-cü maddələrinə edilən düzəlişlər isə mövcud redaksiyaların təkmilləşdirilməsi məqsədi daşıyır. 
Hörmətli millət vəkilləri, hesab edirəm ki, təklif edilmiş düzəlişlər bütövlükdə məhkəmə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir və əminəm ki, sizlər tərəfindən də dəstək alacaqdır.  Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, növbədənkənar sessiya iclasının gündəliyində 21 məsələ var. Biz çalışmalıyıq ki, bu məsələləri bu gün müzakirə edib qurtaraq. Ona görə xahiş edirəm, 5 dəqiqədən artıq çıxış etməyək. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən çalışacağam, fikrimi çox qısa şəkildə bildirim. Mən bizim komitənin iclasında da Əli müəllimə söylədim ki, “inzibati-iqtisadi məhkəmələr” deyiləndə sanki iqtisadiyyatla bağlı inzibati məsələyə baxılmasından söhbət gedir. Burada  dilçi alimlər əyləşib. Əslində, burada iki icraatdan –  həm inzibati işlərə,  həm də iqtisadi mübahisələrə baxılmasından söhbət gedir. Ona görə də burada “inzibati-iqtisadi” yox, “inzibati və iqtisadi məhkəmələr” şəklində yazılmalıdır. Təklif edirəm, bunu nəzərə alasınız.
Sonra, istərdim, bir məsələni də millət vəkillərinin və Məhkəmə-Hüquq Şurası üzvlərinin diqqətinə çatdırım. Əlbəttə, çox yaxşı olardı ki, Məhkəmə-Hüquq Şurası bu gün burada tam tərkibdə iştirak edəydi. Əli müəllim hakimlərin seçilməsi ilə bağlı söylədi. Mən  hakimlərin  birinci test imtahanlarında  müşahidəçi qismində iştirak etmişəm. Hər şey çox şəffaf və aşkar şəkildə keçirilir. Heç kim bu mərhələdən narazı qalmır. Çox təəssüf ki, Əli müəllim, sonrakı mərhələlərlə bağlı bu fikri söyləmək çox çətindir. Ona görə ki, burada aşkarlıq və şəffaflıq yetərincə deyil. Birinci turdan keçmiş, bəzən də daha yüksək bal toplamış xeyli sayda şəxs kənarda qalır. Guya ikincidən keçə bilmədilər. Bu əgər birincidə daha yüksək bal toplayıbsa, savadlı bir iddiaçıdırsa, necə olur ki, kənarda qalır? Bir-iki nəfər olsa, başa düşmək olar ki, burada başqa problemlər var. Bəzən bu, kütləvi xarakter daşıyır.
Biz indi inzibati məhkəmələri yaradırıq və mən hesab edirəm ki, artıq ayrı-ayrı vəzifəli şəxslərin hərəkətlərindən məhkəmələrə şikayət də vermək olacaq. Hakim seçilməyən şəxslərin öz hüquqlarını müdafiə etmək imkanı da nəzərdə tutulmalıdır. Ona görə də bu məsələnin daha şəffaf və aşkar şəraitdə keçirilməsi barədə Məhkəmə-Hüquq Şurası ciddi şəkildə düşünməlidir. Növbəti mərhələlərdə hakimlərin seçilməsinin ədalətli qaydada aparılmaması ilə bağlı cəmiyyətdə neqativ fikirlər formalaşmaqdadır. Mən komitənin iclasında söyləmişdim, indi də deyirəm ki, edilmiş əlavə və dəyişikliklər məhkəmə-hüquq islahatlarının davamıdır. Bütün millət vəkillərini bu dəyişikliklərə səs verməyə çağırıram.  Sağ olun.

Azərbaycan Respublikası Milli Məclis Sədrinin
müavin B.Muradova  sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də bu gün seçilən hakim korpusunun yeni və köhnə üzvlərini təbrik edirəm. Bu gün Azərbaycan məhkəmə sistemində kifayət qədər sanballı hüquqşünasların təmsil olunduğunu görürük. Bu gün də  istər Konstitusiya Məhkəməsinə, istərsə də apellyasiya məhkəmələrinə çox sayda hazırlıqlı, savadlı, ədaləti ilə tanınan insanlar seçildilər. Təbii ki, bu sistemdə ədalətsiz insanlar da var. Amma bütövlükdə əsas məsələ birinci növbədə məhkəmə islahatlarından daha çox hakimlərin bilavasitə müstəqillik məsələsinin həlli üzərində durmalıdır. Yəni hakimin sosial təminatı, yaşayış şərtləri, təhlükəsizliyi kifayət qədər təmin olunmayan cəmiyyətlərdə heç vaxt ədalətli, ideal qərarlar gözləmək mümkün deyil.
Burada qeyd olundu ki, məhkəmə sistemi siyasiləşib. Əksinə, siyasiləşsəydi, daha yaxşı olardı. Bəzi məqamlarda 5 mitinqçiyə, yaxud inzibati siyasi motivlərlə xəta törədən şəxslərə cəza vermək daha çox qabardılır. Mənzil hüququ, mülkiyyət hüququ pozulan yüzlərcə insan var. Onların problemi üzərində durmaq lazımdır. O baxımdan, mən hesab edirəm ki, Azərbaycanda ciddi hüquq islahatlarına ehtiyac var. Mütləq məhkəməni istintaqın yedəyindən çıxarmaq lazımdır. Ayrı-ayrı dövlət orqanlarında, nazirliklərdə mövcud olan istintaq orqanları ləğv olunmalı, Prezidentin tabeliyində olan mərkəzi bir orqan yaradılmalıdır. İstintaqın keyfiyyəti xeyli aşağı düşüb. Siz təsəvvür edin, biz vaxtilə sanksiya ilə bağlı məsələləri prokurorluqdan alıb məhkəmənin səlahiyyətinə verəndə elə düşünürdülər ki, həbs qətimkan tədbirlərinin sayı azalacaq. Amma indi göründü ki, prokurorluq məhkəmədən daha ədalətli davranırmış. Onda həbs qətimkan tədbirlərinin seçilməsi faizi indikindən daha az idi. Ona görə də, məncə, məhkəmə bu məsələyə həm də yekun qərar çıxaran orqan kimi xüsusi diqqət yetirməlidir.
Burada Ali Məhkəmənin hörmətli sədri çox yaxşı bir açıqlama vermişdi ki, bizdə girov müqabilində azad etmək ənənəsi yoxdur. Ümumiyyətlə, bəraət hökmlərinin çıxarılması yoxdur. Bu təkcə siyasətlə deyil, hüquqla bağlı məsələdir.  Dünya ölkələrində istintaqın gəldiyi nəticələrin 30, 40, 50 faizə qədəri məhkəmələr tərəfindən doğru qəbul olunur və bəraət hökmü çıxarılır. Nə qədər məhkəmələrin sayını artırsaq da, Azərbaycan məhkəmələrində bəraət hökmü çıxarmaq ənənəsi yoxdur. Əli müəllimin verdiyi təklifləri dəstəkləyirəm, bu, yaxşıdır, islahatlar üçün vacibdir. Amma nə qədər artırırıqsa, birinci instansiya məhkəməsində  mənfi, apellyasiya məhkəməsində müsbət, deyək ki, Ali Məhkəmədə bir şəxsin əleyhinə başqa bir qərar verilir. Ola bilməz ki, hüququn şərhi bu qədər mürəkkəb olsun. Biz federal dövlət, ayrı-ayrı ştatlar deyilik ki, qanunvericilikdə ciddi fərqlər olsun. O baxımdan bu islahatların keçirilməsi olduqca vacibdir və eyni zamanda, hakimlərin müstəqilliyi məsələsinə xüsusi diqqət yetirmək lazımdır.
Hakimin təhlükəsizliyinin təminatı üçün ciddi tədbirlər görmək lazımdır. Bu gün vəzifədən gedən, seçilməyən hakimlər yüzlərlə qərar çıxarıblar, amma onların təhlükəsizliyinin təminatı üçün ciddi addımlar atılmadığına görə müəyyən problemlərlə qarşılaşırlar. Hakimlərə müəyyən inzibati cəzaların verilməsi məsələsinə də daha ədalətli yanaşmanı təmin etmək vacibdir.
Mən qanun layihəsinə edilən dəyişiklikləri dəstəkləyərək bir məsələyə münasibətimi bildirmək istəyirəm. Burada göstərilir ki, hakimlərin sayı Prezident tərəfindən müəyyən olunur, sonra da ayrı-ayrı məhkəmələrdə hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. Bunun  hansı meyarla müəyyənləşdirilməsinin burada göstərilməsi vacibdir. Əhalinin sayına görəmi müəyyənləşdirilir? Bunu işlərin sayına görə müəyyənləşdirmək, məncə, doğru olmaz. Çünki iş bir ay çox olacaq, üç ay az olacaq. Mövsümə görə hakimlərin dəyişməsi doğru olmaz. Bəlkə Məhkəmə-Hüquq Şurası tərəfindən Prezidentə konkret təklif verilir, say da ona görə müəyyənləşir? Bu, qanunda dəqiqləşdirilməlidir ki, sonra  ziddiyyətlər ortaya çıxmasın. Mən bu gün seçilən məhkəmə üzvlərin bir daha təbrik edirəm. Ümidvaram ki, Azərbaycan məhkəməsi öz ədalətliyindən...


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, hörmətli hakimlər, əziz qonaqlar! Mən çıxışıma bugünkü təyinatla bağlı  Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və digər instansiya məhkəmələrinin hakimlərini təbrik etməklə başlamaq istəyirəm. İnanmaq istəyirəm ki, həqiqətən də, biz bu gün Milli Məclis olaraq çox doğru bir qərar qəbul etdik, cənab Prezidentin təqdimatını dəstəklədik. Əminəm ki, bizim möhtərəm hakimlərimiz də Azərbaycanda ədalət mühakiməsinin ən yüksək səviyyədə aparılmasına və vətəndaşlarımızın etimadını qazanmağa nail ola biləcəklər. 
Hesab edirəm ki, bugünkü qanun layihəsi çox önəmlidir. Xüsusilə Məhkəmə-Hüquq Şurası ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Burada müəyyən fikirlər səsləndi. Amma kimin hansı fikirdə olmasından asılı olmayaraq, sözün əsl mənasında, Azərbaycanda məhkəmə-hüquq islahatları çox uğurla həyata keçirilir. Mən Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə həyata keçirdiyi işləri xüsusilə yüksək dəyərləndirirəm. Bir neçə il bundan öncə cəmiyyətdə narazılıqların bir qismi ondan yaranırdı ki, hakimlərlə bağlı hər hansı bir qərar qəbul olunmur, yaxud ədalətsiz və haqsız qəbul olunmuş qərarlarla bağlı bir mexanizm tətbiq olunmur. Bu gün hörmətli Əli müəllimin qeyd etdiyi kimi, təkcə son illərdə 40 hakimin işdən azad olunması, yaxud geri çağırılması, 100-dən çox hakim haqqında  intizam tədbirinin başlanması məhz islahatların dərinləşməsi baxımından çox önəmli, vacib addımlar hesab olunmalıdır. Digər tərəfdən, yerli iqtisad məhkəmələrinin yaradılması və vətəndaşların birbaşa həmin məhkəmələr vasitəsilə öz hüquqlarını qorumaq imkanı əldə etməsi bu islahatların ən aparıcı tərkib hissəsi hesab edilə bilər.
Qanun layihəsinə gəldikdə isə xüsusilə qeyd olunmalıdır ki,  məhkəmə sədrləri tərəfindən iş bölgüsü aparılan zaman, həqiqətən də, müəyyən narazılıqlar baş verir. Amma indi bu bölgünün kodlaşdırılması  məsələnin mahiyyəti üzrə baxılmasına və daha obyektiv, ədalətli qərar qəbul edilməsinə əlavə bir stimul verəcəkdir.
Burada hakimlərin maddi təminatı  ilə də bağlı yeni bir müddəa var. Mən hesab edirəm ki, həqiqətən də, bu gün hakimlərin maddi təminatına yenidən baxılmalı və onların  istər maaşlarının artırılması və istərsə də digər təminat  məsələləri öz müsbət həllini tapmalıdır. Çünki bu gün hakimlərin müstəqil qərar qəbul etməsi üçün onların ilk növbədə iqtisadi baxımdan müstəqilliyi təmin olunmalı və onlar Konstitusiya və müvafiq qanunların tələbləri əsasında hökmlərini verməlidirlər.
Məhkəmə-Hüquq Şurasının üzvlərinə və üzvlüyə namizədlərə  qoyulmuş məhdudiyyət də bu gün aradan qaldırılır. Həqiqətən də,  Məhkəmə-Hüquq Şurasının hər hansı bir üzvü öz səlahiyyətlərini layiqincə yerinə yetirirsə, qanunvericilikdə ona müəyyən məhdudiyyətin qoyulması  o qədər də məqbul sayıla bilməz. Onların keçən dövr ərzindək işini təftiş etsək, görərik ki, həqiqətən də, öz işlərinin peşəkarlarıdır və çox cəsarətli qərarlar qəbul ediblər. Bu baxımdan düşünürəm ki, bu məsuliyyətin aradan qaldırılması çox yerindədir. Mən həmkarlarımdan rica edirəm ki, bu təkliflərə səs versinlər. Məhkəmə-Hüquq Şurasının bütün üzvlərinə də uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən həm özümün,  həm də vətəndaşların müraciətləri ilə əlaqədar məhkəmələrdə tez-tez oluram. Bakı şəhərində, rayon məhkəmələrində hakimlərin işlərlə dəhşətli dərəcədə işlərlə yüklənməsinin şahidiyəm. Mən bir çox hallarda müşahidə elədim və gördüm ki, sözün doğrusu, hakimlər proseslə yalnız iş zamanı tanış olan kimi görünürlər. Öz iradlarımı bildirdim. Hörmətli hakimlər  və Məhkəmə-Hüquq Şurasının üzvləri bilirlər, bir hakimin öhdəsində o qədər iş var ki,  onun oxunması və o barədə əvvəlcədən məlumatın əldə edilməsi, sadəcə, fiziki cəhətdən qeyri-mümkündür. Nəticə nəyə səbəb olur? Ad çəkmirəm, amma bir neçə nümunə göstərə bilərəm. Kompüterdə o qədər sürətlə işləyirlər ki, kiminsə haqqında açılmış iş səhvən onun özünə göndərilir. Ona görə də hörmətli Məhkəmə-Hüquq Şurasının üzvləri yerli məhkəmələrin, xüsusən Bakıdakı yerli məhkəmələrin məsələsini həll eləməlidirlər.
İkincisi, biz ümid edirdik ki, yeni bir məhkəmə orqanı kimi inzibati məhkəmənin yaradılması, mülki, inzibati işlərlə iqtisadi məsələlər arasında doğru-düzgün, konkret hədlərin qoyulmasına, bu sahədə vəziyyətin düzəlməsinə gətirib çıxaracaqdır. Çox təəssüf ki, İnzibati Məcəllə, İnzibati Prosessual Məcəllə və inzibati məhkəmələr məsələsi nə isə düyünə düşüb. İndi də “inzibati-iqtisadi məhkəmələr” olur. Hörmətli Qüdrət bəy dedi, “inzibati” sözü ilə “iqtisadi” sözü arasında “və” olsun. Lakin iki söz arasında “və” axud “tire” yazılmasından asılı olmayaraq, bunun dövlət orqanları, xüsusən hüquqi şəxslə vətəndaşlar, fərdlər arasındakı hüquqi münasibətlərin tənzimlənməsində keyfiyyət dəyişikliyinə səbəb olacağı  şübhə doğurur. Məsələn, deyək ki,  hər hansı bir qəzet informasiya əldə etmək azadlığı ilə bağlı müraciət edir. Qəzet hüquqi şəxsdir. Deyək ki, hər hansı bir fərd, fiziki şəxs müraciət edir. Hüquqşünaslar bilirlər, Mülki-Prosessual Məcəllədə yazılır ki, əgər tərəflərin biri, – belə bir müddəa var orada, boşluq kimi də qalıb, – hüquqi şəxsdirsə, o halda buna iqtisadi məhkəmə baxmalıdır. Başa düşmək olmur, Mülki Məcəllənin məlumat azadlığı və yaxud şərəf və ləyaqətin qorunması haqqında müvafiq müddəasının iqtisad məhkəməsi ilə hansı əlaqəsi var? o məsələlərin iqtisad məhkəməsi hakimlərinin təcrübəsi nə dərəcədə həllinə imkan verir? İnandırıram sizi ki, xüsusən son  illərdə bu sahədə böyük bir  xaos, hüquqi qarışıqlıq hökm sürməkdədir. Bu, ikinci bir məsələdir.
Yenidən inzibati-iqtisadi məhkəmələrin funksiyalarına baxaq.  Bizim qəbul elədiyimiz İnzibati Məcəllədə, İnzibati Prosessual Məcəllədə, məsələn, siyasi partiyaların bağlanması, seçkilərlə bağlı olan bir sıra məsələlər artıq inzibati məhkəmələrin səlahiyyət çərçivəsinə aid edilməli idi. İndi burada iqtisadi məsələlər meydana çıxır. Məlum da deyil ki, bu yalnız dövlət orqanları ilə məlum olan iqtisadi münasibətlər olacaq, yoxsa ayrı-ayrı fərdlər arasında. Açığı, mən sizə deyim ki, xüsusən iqtisadiyyat məsələləri ilə bağlı məhkəmələrdəki hüquqi keyfiyyət olduqca aşağı haldadır. Hətta bir neçə eksperiment də oldu. Bir ara Beynəlxalq İqtisadi Məhkəmə və sair də yaradılmışdı. Sonra bəzisi ləğv olundu, bəzisi yenidən yaradıldı və bu sahədəki qarışıqlıq daha da artdı.
Mən məhkəmələrin müstəqilliyi məsələsinə toxunmaq istəyirəm. Sözün açığı, məhkəmələrin müstəqilliyi deyərkən biz hakimin qanun və vicdanı əsas götürməsini nəzərdə tuturuq. Şəxsən məndə inam yoxdur ki, sabah bizim hörmətli hakimlərə və məhkəmələrə müstəqillik verilsə,  onlar  Məhkəmə-Hüquq Şurasından və yaxud başqa müvafiq inzibati nəzarət orqanlarından tam azad olsalar, o vaxt onların qəbul edəcəkləri qərarlar  hüquqa və ədalətə uyğun olacaqdır. Bütün bunlara baxmayaraq, bu  dəyişikliklərlə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin artırılması istiqamətində hər halda çox ciddi bir addım atılıb. Bir sıra səlahiyyətlər artıq Məhkəmə-Hüquq Şurasına aid edilir. Qonşu Türkiyə dövlətində hazırda məhkəmə sistemi ilə digər orqanların münasibətinə dair çox ciddi diskussiyalar gedir. Bunlardan yararlanaraq Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin daha da artırılmasının tərəfdarıyam. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N.Cəfərov.  Sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də bu gün müxtəlif məhkəmələrə seçilən hakimlərimizi ürəkdən təbrik edirəm. Bu bir sirr deyil ki, bizdə məhkəmə-hüquq sistem ilbəil inkişaf edir. İndi burada bir məsələ qaldırıldı ki, iqtisadi məhkəmələrdə həmişə problem olur. Bu, tamamilə təbiidir. Ona görə ki, yeni iqtisadi sistemə keçmək çox zaman o cinayətlərin əbədi xarakterini dəyişdirmir, amma iqtisadi münasibətlərdə istər-istəməz yeniliklər, problemlər əmələ gəlir.
Hörmətli Əli Hüseynovun dediyi kimi, bu dəyişikliklərdə çox mühüm məsələlərdən biri məhkəmələrin adları ilə bağlıdır. Sözün açığı, keçən dəfə komitə sədrləri ilə olan bir söhbətdən sonra mən üç gündür, fikirləşirəm. Bu adlar, yəni “cinayət məhkəməsi”, “ağır cinayətlər məhkəməsi” çox təbii səslənir, dilin normalarına uyğundur. Amma “cinayət kollegiyası” ifadəsi necə qəbul olunacaq? Hər halda  bir müsbət fikrə mən də gəlib çıxıram. Vaxtilə hüquqşünaslıqda işlədilən “cinayət hüququ” ifadəsi Azərbaycan dilində çox yad səslənirdi. Adi, sıravi bir “обывaÑ‚eль” təfəkkürü üçün belə anlaşılırdı ki, bu bir cinayət eləmək hüququdur. Amma təbiidir, bir sıra dillər var ki, o dillərin elə imkanları var. O da tədricən stabilləşib. Mən də düşünürəm ki, hər halda biz “cinayət kollegiyası” ifadəsini də qəbul eləyəcəyik, çünki ən azından  bundan daha uğurlu bir ifadə tapmaq bu saat mümkün deyil. Hər halda biz bütün hallarda “dair”, “işlər”, “üzrə” modelini çıxarmalıyıq. Onların qalması istər-istəməz daha böyük ağırlıqlar törədir.
Bizim dilimizdə bir üstün cəhət də var. Deyək ki, bütün məhkəmə,  mühakimə sistemləri hökmlə yekunlaşır. Ərəbcədən gəlmiş olsa da, hər halda bizim hüquq təfəkkürümüzdə də “hökm”, “hakim”, “məhkəmə”, “mühakimə” dilin semantikası ilə bir sistem təşkil edir. Odur ki, mən bu cür dəyişikliklərlə, düzəlişlərlə razıyam. Bizim görkəmli professorumuz İsmayıl Məmmədov da iclasda iştirak edir. O, Ədliyyə Nazirliyinin ekspertidir. Bu məsələ ilə bağlı onunla da söhbət elədik. Amma mənə elə gəlir ki, əsas ağırlıq bizim hüquqşünaslarımızın üzərinə düşəcək, çünki hüququn dilini, terminologiyasını heç bir dilçi dəqiq müəyyənləşdirə bilməz. Bunu hüquqşünaslarımız eləməlidirlər. Allaha şükür, geniş dünyagörüşlü, dilimizi gözəl bilən hüquqşünaslarımız var.
Məhkəmə həqiqətin ortaya çıxarılmasıdır. Həqiqətin ortaya çıxarılmasında da dil ən mühüm vasitədir. Biz də bəzən məhkəmələrə gedirik, televiziyada müşahidə edirik, baxırıq. Bəzən bizim hakimlərimiz,  ədalət mühakiməsini həyata keçirənlər mühakimə olunan insanla elə bir dildə danışırlar ki, anlaşılmazlıq yaranır. Məhkəmədən çıxandan sonra o insandan soruşursan ki, vəziyyət nə cürdür, deyir, heç mən bilmədim, o nə soruşdu, mən nə cavab verdim. Elə bilirəm ki, islahatın bir tərəfi də odur ki, bizim hüqiq-məhkəmə dilimizin üzərində çalışmaq lazımdır. Məsələn, mən neçə illərdir, ciddi dilçiliklə məşğulam, amma hələ də başa düşə bilmirəm ki, “həbs qətimkan tədbiri” nə deməkdir? Bu nədir axı? Hər halda elə bilirəm, bu məsələlərin üzərində düşünmək lazımdır. O ki qaldı “inzibati-iqtisadi məhkəmə” ifadəsinə, mənə belə gəlir ki, bu, “tire” ilə yox, “defis”lə yazılmalıdır. Bu, bütöv bir anlayışı ifadə edir. Hər halda elə bilirəm ki, bu dəyişikliklər həm də linqvistik baxımdan irəliyə atılan bir addımdır və bizim hakimlərimiz, eyni zamanda, bir az da dilçi olmağa çalışacaqlar. Hamısını bir daha ürəkdən təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc,  çıxış eləmək istəyirsən? Deyəsən, bu məsələlərdə çox həvəslisən. Buyur.
Z.Orucov. Oqtay müəllim, çox sağ olun. Mən, açığı, hörmətli Əli müəllim və onun rəhbərlik etdiyi komitə tərəfindən bura daxil olmuş sənədləri hüquqi peşəkarlıq səviyyəsinə görə həmişə yüksək qiymətləndirmişəm, əksər vaxtlarda onları müdafiə etmişəm. Məndən öncə çox hörmət elədiyim, peşəkarlığına hörmətlə yanaşdığım Nizami müəllim də fikir söylədi. Birinci, diqqəti bir məsələyə cəlb eləmək istəyirəm. Bilirsiniz, beynəlxalq hüquq sisteminə, onun anlayışlarına, dəyərlərinə unifikasiya eləmək yaxşı bir şeydir, bu, Azərbaycandan istənilir. Çox deyilən bir söz var. Avropa ailəsinin bir üzvü olmaq. Bu çox dəyərli haldır, amma mən ulu öndərin bir sözünü xatırlatmaq istəyirəm. 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda ulu öndər qeyd elədi ki, sizin bu xəritəyə, bu xalçaya öz dəyərlərimizlə daxil olacağıq. Ona görə mən elə hesab eləmirəm ki, Amerika Birləşmiş Ştatlarının, Avropanın məhkəmə orqanlarında işlənən hüquq terminologiyasını Azərbaycana gətirməklə onların iş sistemini, dəyərlərini gətirmiş oluruq. Məsələn, kluar söhbətlərin hamısında deyilir ki, “cinayət kollegiyası” ifadəsi cinayət edən kollegiya kimi bir mənanı doğurur. Bu, səhv fikirdir. Əslində, hamı belə düşünürsə, deməli, bu söz səhvdir, camaat səhv düşünmür. İxtisasca hüquqşünas deyiləm, amma burada da qeyd olundu ki, Azərbaycan dili zəngindir.  Ona görə mən elə hesab edirəm ki, bunun peşəkar əsasda alternativi “cinayət işləri üzrə kollegiya”dır. Bu nə söz yükü yaradır, nə də möhür və ştampın hazırlanmasında xüsusi bir problem yaranacaq. Məncə, düşüncəmizə, ictimai fikrə yad bu cür ifadələrin daxil edilməsinin özü də səhv nəticələr doğurur. Ona görə mən buna etiraz edirəm.
İkincisi, Oqtay müəllim, ölkənin idarəetmə sistemi, quruluşu inzibati vahidlər üzrə bölgələrdən ibarətdir. Hətta bunun özü də mübahisə doğurur ki, “rayon” sözü keçmiş sovet sözüdür və sair. Bununla işim yox. Amma biz artıq zonalarda bu qurumları çox yaratmağa başlamışıq. Əlbəttə, başa düşüləndir ki, mərkəzləşmə sistemindən çıxıb onu əyalətlərə köçürməklə insanların ora daha asan şəkildə gəlmələrinə imkan veririk. Ancaq ölkə, bir daha təkrar edirəm ki, bölgələr vasitəsilə idarə olunur. Yaxşı olardı ki, bu qurumların hər rayonda bir nümayəndəsi olsun. Bunu 8, 10 zonaya  verməkdənsə, rayon üzrə eləyək. Azərbaycan quberniya, ya başqa bir formada idarəçiliklə yaşamır ki, biz bu zona sistemini qurumlarımızın üzərinə köçürmüşük.
Məhkəmə-Hüquq Şurası ilə bağlı atılmış addımı da çox mütərəqqi sayıram. Çünki çox vaxt qeyd olunurdu ki, bu qurumun fəaliyyəti məhduddur, sonrakı dönəmlərdə bunlar hakimlərin işinə hər hansı bir formada nəzarət eləmirlər və sair. Düşünürəm ki, bu addım da kifayət qədər yerindədir, Azərbaycanın hüquq sistemində, idarəçiliyində  kollegiallıq təmin olunur. Orada bizim parlamentin nümayəndəsi də iştirak eləyir, digər qurumların nümayəndələri də. Bu özü sübut eləyir ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasında söylədiklərimizi, beynəlxalq praktikada özünü göstərən mütərəqqi ideyaları həyata keçirməkdədir. Mən bu sənədə səs verəcəyəm, amma istərdim,  hörmətli Əli müəllim o məsələyə münasibət bildirsin.
Sədrlik edən. Sən burada yox idin, bizim dilçi alim Nizami müəllim çıxış elədi, balaca izahat verdi. İkinci, deyirsən ki, rayonlarda qurumların nümayəndələri olsun. Belə çıxır ki, apellyasiya məhkəməsinin hər bir üzvü özünün dəftərxanasını yaratsın və rayonlarda otursun. Bu da alınmır axı.
Mən hesab edirəm ki, qədərincə çıxışlar oldu. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr                        (saat 13.37 dəq.)
Lehinə                                                                       100
Əleyhinə                                                                       0
Bitərəf                                                                          1
Səs verməd                                                                  0
İştirak edir                                                                  101
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, icazə verin, həm sizin adınızdan, həm də öz adımdan hakimlərimizi bir daha təbrik eləyək, onlara uğurlar arzulayaq! Onlara yaxşı yol. Sağ olun! (Alqışlar.) 
Gündəliyin növbəti məsələsi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynov. 
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. “Notariat haqqında” Qanuna dəyişiklik edilməsi haqqında layihə bir kiçik qeydlə bağlıdır. Bildiyimiz kimi, parlament tərəfindən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” və “Dövlət qulluğu haqqında” qanunlar  qəbul edilmişdi. Hər iki qanunun müddəalarına görə hər bir ədliyyə orqanının əməkdaşı, hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçməlidir. Amma “Notariat haqqında” Qanunda, təəssüf ki, belə bir qeyd yoxdur. Bu düzəlişin mahiyyəti ondan ibarətdir ki, notariusun fəaliyyəti qiymətləndirilərək onun şəhadətnaməsinin müddəti daha 5 il uzadıla bilər. Mövcud olan normada isə belə idi ki, notarius beşillik fəaliyyətindən sonra, sadəcə, qanuna müvafiq olaraq əlli beş manat məbləğində rüsumu ödəyir və sonra fəaliyyətini davam etdirir. Amma hamımız bilirik ki, notariat fəaliyyəti də ədliyyə orqanının tərkib hissəsidir, bir ədliyyə fəaliyyətidir. Təbii ki, hər bir dövlət qulluqçusu, hər bir ədliyyə orqanının əməkdaşı attestasiyadan, qiymətləndirmədən keçməlidir. Bu baxımdan düzəliş “Notariat haqqında” Qanunun müvafiq müddəasını artıq qüvvədə olan “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun müddəalarına uyğunlaşdırmaqdan ibarətdir. Millət vəkillərindən bu texniki düzəlişə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu, texniki dəyişiklikdir. Pənah Hüseyn, Nizami Xudiyev çıxışa yazılıblar. Nizami müəllim, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
N.Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, burada məsələ çıxış eləyib nəyisə dəyişdirməkdən ibarət deyil. Bayaq da burada söhbət getdi, bu, qanundur. Qanun hökm verməlidir, mübahisə açmamalıdır. Ancaq Əli müəllim izah elədi ki, burada dəyişiklik nədən ibarətdir. Notariusun fəaliyyətini qiymətləndirərək, onun şəhadətnaməsinin müddəti daha beş il uzadıla bilər. Bu, qanun cümləsi deyil. Qanun hökm verməlidir,   mübahisə açmamalıdır. Ondan əvvəlki şərhdə bu, ətraflı şəkildə öz əksini tapıbdır.  Əli müəllim qulaq assın. “Notariusun şəhadətnaməsinin müddəti qurtarana qədər o, notariat fəaliyyəti ilə məşğul olmağı davam etdirmək istəyirsə, şəhadətnamənin müddətinin uzadılmasına görə dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası  müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına əlli beş manat məbləğində haqq ödəməlidir”. Bu barədə qəbz təqdim edildikdən sonra 10 gün müddətində bu, həyata keçirilir. Yəni burada əlavə nədən ibarətdir? “Notariusun fəaliyyətini qiymətləndirərək” ifadəsi əlavə olunub. Notariusun fəaliyyətini qiymətləndirmək söhbəti ondan əvvəlki abzasda ətraflı şəkildə şərh olunubdur.
Mən yenə də təkrar edirəm, bilər-bilməz, olar-olmaz – bunlar söz-söhbətdir. Bu, qanun cümləsi deyil. Mənim təklifim ondan ibarətdir ki, qanunlarımız hökm xarakterində olmalıdır və felin vacib formasında yazılmalıdır. Bilər və bilməz felin arzu şəklidir, şərt şəklidir. Belə olmaz axı. Şərtlə, arzu ilə qanun olmaz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Pənah bəy əvvəl adını çıxardı, sonra təzədən yazıldı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyur, buyur.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən nəyə görə  yazılmışdım? Bizə paylanmış arayışda bu anlayış bir qədər başqa redaksiyada verilib. Yəqin ki, hörmətli Əli müəllim buna bir düzəliş edəcəkdir. Burada yazılır ki, fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə qədər uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə bu maddənin birinci hissəsində müəyyən edilmiş haqq ödənilməlidir. Ola bilsin ki, təklif olunan mətn belədir. Qüvvədə olan mətndə belə idi ki, on gün müddətində müvafiq icra hakimiyyəti orqanı notariusun şəhadətnaməsinin müddətini daha beş il uzatmalıdır. İmperativ qaydada, birmənalı. Bu, əslində, doğru idi. Milli Məclis “Hüquqi normativ aktlar haqqında” Konstitusiya Qanunu qəbul elədi. Biz ona səs vermədik və əleyhinə də xeyli çıxış elədik. Amma texniki hissələrdə xeyli mühüm, mütərəqqi dəyişikliklər var. Məsələn, sui- istifadələr, onların tipik təzahürləri barədə çox mütərəqqi normalar, qaydalar müəyyənləşdirilmişdir. Bu, səlahiyyətləri çox geniş olan müvafiq icra hakimiyyəti orqanının, dövlət orqanlarının korrupsiya məqsədi ilə  sui-istifadələrə yol verməməsi üçün çox mühüm tələblərdən biridir.
İndi siz bizim qarşımızdakı monitora baxın. Burada yazılıb ki, fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə qədər uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə bu maddənin birinci hissəsində müəyyən edilmiş haqqı ödəməlidir. Mən buna  etiraz etməzdim, amma bizə paylanmış  bu mətndə yazılır ki, bu barədə qəbz təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı notariusun fəaliyyətini qiymətləndirərək, – Nizami müəllim də bunu deyirdi, – onun şəhadətnaməsinin müddətini daha beş il uzada bilər. Bu məsələyə aydınlıq gətirilsin, çünki bizə qanun layihəsinin iki mətni verilibdir. Bu məsələyə aydınlıq gətirilsə, məncə, buradakı anlaşılmazlıq aradan qalxar. Mən şəxsən monitorda olan mətni mümkün hesab edirəm. Məncə, Nizami müəllimin dediyi də burada öz əksini tapıbdır. Amma bu nə məsələdir, bizə nə paylanıb? Bu məsələyə aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Doğrudan da, həm Nizami Xudiyev, həm də Pənah Hüseyn haqlıdırlar. Bu mənim, sadəcə, təqdimat qüsurumdur, çünki sonuncu, düzgün variant məndə olub, amma millət vəkillərinə ilkin variant paylanıb. Burada səslənən o təkliflər, iradlar komitədə də müzakirə olundu və düzəliş edildi. Hazırda o diskrision cəhətləri özündə ehtiva etməyən düzgün variant monitordadır. Mən millət vəkillərindən üzr istəyirəm ki, təqdimatımda onu qeyd edə bilməmişdim. Ona görə sizdən monitorda göstərilən varianta səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr                        (saat 13.46 dəq.)
Lehinə                                                                        96
Əleyhinə                                                                      0
Bitərəf                                                                         0
Səs verməd                                                                 0
İştirak edir                                                                   96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Bu qanun layihəsi “Yol hərəkəti haqqında” Qanuna bir sıra çox əhəmiyyətli əlavələri və dəyişiklikləri özündə ehtiva edir. Cənab Sədr, məlumat üçün onu da qeyd etmək istəyirəm ki, layihə üzərində iş həm də Sizin bir müddət bundan öncə Milli Məclisin Aparatına və bizim komitəyə verdiyiniz tapşırıqlar əsasında işlənib hazırlanmışdır. Layihə cənab Prezident –  qanunvericilik təşəbbüsü subyekti tərəfindən təklif olunmuşdur.
Hazırkı dəyişikliklər və əlavələr bir sıra yeniliklərlə xarakterizə olunur. Bir sıra əlavələr qanunun “Əsas anlayışlar” adlanan hissəsi ilə bağlıdır. Bir sıra anlayışların, terminlərin açıqlanması verilməmişdi. Təklif olunan layihədə bu anlayışlara aydınlıq gətirilir.
“Yol hərəkəti sahəsində dövlətin vəzifələri” adlandırılan maddənin 21-ci bəndinə “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrdən çıxarışı” sözləri əlavə olunur. Yeni redaksiyaya görə 33-cü maddənin IV hissəsində “Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir” müddəasının verilməsi, fikrimizcə, məqsədəmüvafiqdir. Eyni zamanda, “Sürücülük vəsiqələri haqqında” Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2006-cı il 20 dekabr tarixli direktivinə müvafiq olaraq, “Yol hərəkəti haqqında” Qanunun bu sənədə uyğunlaşdırılması məqsədi ilə avtonəqliyyatın alt kateqoriyalara bölünməsi və sürücülük vəsiqəsi üçün minimum yaş həddinin müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, sizlər də, yəqin ki, bəzən iri yük maşınları, avtobuslarla bağlı baş verən avtonəqliyyat hadisələrinin ilk növbədə sürücülərin gəncliyindən və kifayət qədər sürücülük təcrübəsinin olmamasından irəli gəlməsi fikri ilə razılaşarsınız. Qanunun “Mexaniki nəqliyyat vasitəsi “sürücüsünün vəzifələri” adlanan 37-ci maddəsinin yeni redaksiyası təklif olunmuşdur. Sözsüz ki, bizim hər birimiz yol hərəkətinin iştirakçısıyıq və istənilən yol hərəkəti pozuntusu sürücü kimi hər bir vətəndaşın maraqlarına toxunur. Bir çoxumuz şahidik ki, yolun hərəkət hissəsinin sağ zolağı boş olduğu halda bir çox sürücülər yolun sol hissəsi ilə hərəkət edərək, arxadan gələn sürücülərə maneçilik törədirlər. Belə çatışmazlıqları aradan qaldırmaqdan ötrü “Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətlərində sağ zolaq boş olduğu halda sol zolaqlarda hərəkət etmək qadağandır” kimi qadağaedici normanın qanunun 49-cu maddəsində öz əksini tapması təklif olunmuşdur.
Son vaxtlar əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulmasına və onların haqlı narazılığına səbəb olan nəqliyyat vasitələrinin müvafiq icazə olmadan, xüsusi çox avazlı səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi halları artmışdır. Bu sıradan olan qüsurların qarşısının alınmasından ötrü bir sıra təkliflər var. Eyni zamanda, bu kimi işlərə məhkəmələrdə baxılmaqla, səs siqnallarının və digər qurğuların müsadirəsi təklif olunur.
Digər bir düzəliş nəqliyyat vasitəsinin, idarə etmək hüququ məhdudlaşdırılmış şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması hallarının artması bu sahədə daha effektli tədbirlər görülməməsi ilə bağlıdır. Belə xətalara yol verilməsi halları ilə bağlı daha ciddi cəza tədbirlərinin seçilməsi zərurəti yaranmışdır. Bakı və digər iri şəhərlərdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti zamanı rast gəlinən problemlər, o cümlədən dayanacaqlarda və onlara yaxın ərazilərdə digər nəqliyyat vasitələrinin dayanması onların hərəkətinə ciddi maneələr yaradır. Bu məsələnin tənzimlənməsi üçün də yeni müddəalar təklif olunur.
Layihədə bayram və istirahət günlərində bankların işləməməsini nəzərə alaraq, beynəlxalq daşımalarda iştirak edən sürücülərin yerində cərimə olunmasının mümkünlüyü də təklif edilir. Yəni belə bir ehtiyac yaranarsa, bunun mümkün olması təklif edilir.
Çox önəmli məsələlərdən biri də sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı işlərə xətanın törədildiyi yerdə baxılması məsələsidir. Qeyd etmək istəyirəm ki, hazırda məhkəmələrdə bu məsələ ciddi problem yaradır. Yəni sürücü harada qeydiyyatdadırsa, sənədlər oraya göndərilir və bir sıra süründürməçilik halları yaranır. Təklif olunur ki, xətanın törədildiyi ərazidə də bu işlərə baxılsın. Bu hal həm də bütövlükdə işlərin bir yerdən başqa yerə formal olaraq göndərilməsinin qarşısını almış olacaq.
Hörmətli millət vəkilləri, sözsüz, yol hərəkətinin tənzimlənməsi ilə bağlı problemlər mövcuddur. Bunları siz də bilirsiniz. Biz qanuna edilən əlavələr və dəyişikliklərlə bu sıradan mövcud olan problemlərin qarşısının alınmasına, hesab edirəm, öz töhfəmizi vermiş olarıq. Buna görə də sizi təklif olunmuş əlavə və dəyişikliklərə səs verməyə dəvət edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev.  Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, mən bu əlavə və dəyişiklikləri dəstəkləyirəm. Amma burada, doğrudan da, anlaşılmayan müddəalar var. Mən çox istəyərdim ki, layihənin müəllifləri bu məsələyə aydınlıq gətirsinlər.
Məsələn, 33-cü maddə üzrə 4-cü dəyişiklikdən söhbət gedir. 33-cü maddənin 5-ci bəndinə, xahiş edirəm, diqqət yetirin. Burada deyilir: “tramvayların, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan” verilir. Mən bunu çox normal qəbul edirəm. Amma gəlin, indi bunun ardınca sonuncu bəndə baxaq, burada yazılır: “Hərbi qulluqçular “CE” “D” və “DE”  kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə  hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər”. Mən başa düşmədim, eyni kateqoriyalı nəqliyyat vasitəsini mülki vətəndaş 21 yaşdan, hərbiçi isə 19 yaşdan idarə edə bilər? Belə çıxır ki, mülki şəxs 21 yaşına çatmamış bu nəqliyyat vasitəsini sürə bilməz,  hərbiçi isə 19 yaşında qəza törədib camaatı məhv edə bilər? Bu heç bir məntiqlə izah oluna bilməyən bir məsələdir. Yaxud hərbi hissədə bu şəxs 19 yaşında “CE” və “D” kateqoriyasına daxil olan avtomobil sürüb. Hərbi qulluqdan qayıdandan sonra oturub gözləməlidir ki, 21 yaşı tamam olsun, yenidən  hərbi hissədə sürdüyü həmin kateqoriyadan olan avtomobili artıq mülki vətəndaş kimi sürə bilsin? Mən hesab edirəm ki, bu məsələ tamamilə izah olunmayan, anlaşılmayan bir məsələdir. Əgər 19 yaşda bu avtomobilləri idarə etmək təhlükəlidirsə, hərbiçinin niyə belə hüququ tanınmalıdır? Buna, xahiş edərdim ki, aydınlıq gətirilsin.
Mənim xüsusi narahatlığıma səbəb olan bir məsələ də  qanunun  85-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Burada nəyə xüsusi diqqət yetirmək istəyirik? Bu qanunun 37-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanması məqsədi ilə nəqliyyat vasitəsi yalnız stasionar postlarda dayandırıla bilər. Ziyafət müəllim, yaxşı ki, bütün qanunlar artıq monitorda yerləşdirilib. Bizə verilən arayışda 37-ci maddənin birinci hissəsinin 1-ci bəndi yox idi. Amma mən indi burada baxıram. Bu nədir? Avtomobilin sənədlərini yoxlamaq üçün biz yol polisi əməkdaşlarına bütün stasionar postlarda vətəndaşı saxlamaq hüququ veririk. İnkişaf etmiş bütün ölkələrdə bu qayda var. Müvafiq vəzifəli şəxsin, – bu şəxs daxili işlər naziri, yaxud baş idarənin rəisi ola bilər, – əmri ilə həftənin müəyyən günlərində belə reydlər keçirmək olar. Məsələn, həftənin beşinci günü, müəyyən saatlarda ola bilər. Onda da seçmə üsulu ilə hər 5 maşından biri saxlanılır və sair və ilaxir. Bütün dünyada bu belədir.
Allaha şükür, indi Azərbaycanda hər rayonda bir post qoyublar. Deməli, hər postda da vətəndaşı saxlamaq olar. Mən rayondan yol hərəkəti qaydasını pozmayıb, ailəmlə, uşağımla gəlirəm Bakıya və yaxud Bakıdan  dincəlməyə Xaçmaza gedirəm. Niyə, məni hər stasionar postda saxlayıb yoxlamalıdırlar ki, bu maşının sənədi var, yoxsa yoxdur? Yəni bu, müəyyən reydlər zamanı ola bilər. Bu hüququ vermək həm də neqativ hallara yol açır. İstənilən avtomobili yol polisi əməkdaşı stasionar postda saxlayır və orada da vətəndaşın nə qədər vaxtı gedir, bunu Allah bilir. Ona görə də bu məsələ, ümumiyyətlə, layihədən çıxarılmalıdır. Bu səlahiyyət  müvafiq icra hakimiyyəti orqanının, qeyd elədiyim kimi, əmri ilə verilməlidir. Həftənin müəyyən günlərində müəyyən saatlarda həyata keçirilməlidir.
Başqa bir məsələ avtomobillərin qovulması ilə bağlıdır. 37-ci maddədə qeyd olunur ki, sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, təhlükəsizlik şərtlərinə  əməl edilməklə müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radiocihaz vasitəsilə məlumat verilməklə yol polisi əməkdaşları tərəfindən təqib oluna bilər. Dünyanın bir çox ölkələrində yol polisi əməkdaşlarına  avtomobilləri təqib etmək hüququ verilib. Mənim xahişimlə ekspertlərin verdikləri məlumatları  diqqətinizə çatdırmaq istəyirəm. Bizdə bu statistika yoxdur. Amma mətbuatdan bilirəm ki, Azərbaycanda bu təqiblər bəzi hallarda insan ölümünə də səbəb olub. Bizdə belə bir statistika varsa, xahiş edirəm, yol polisinin əməkdaşı burada əyləşib, bizə məlumat versin.
Sədrlik edən. Buyurun, yekunlaşdırın.
Q.Həsənquliyev. Məsələn, Amerika Birləşmiş Ştatlarında bu təqiblərin 40 faizi ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Bunun da nəticəsində günahsız insanlar, bəzən yolun kənarında dayanan və ya digər şəxslər, yaxud digər sürücülər xəsarət alırlar. Ona görə də mən hesab edirəm ki, sürücü cinayət törədib hadisə yerindən qaçırsa, təqib oluna bilər. Bir də, ağır cinayətlərdə şübhəli bilindikdə və bu barədə məlumat olduqda, həmin sürücünün hərəkət etdiyi avtomobilin təqib olunması və saxlanması  hüququ yol polisi əməkdaşlarına verilə bilər. Qalan hallarda, məsələn, yol hərəkəti qaydaları pozulduqda, yaxud sürət artırıldıqda avtomobilin təqib olunması çox təəssüf ki, bəzən ağır hadisələrə gətirib çıxarır. İndi radarlar sürəti qeydə alır. Sonra evə xüsusi qəbz gəlir ki,  hərəkət sürətini artırmısan və indi cərimə ödə. Mən çox istərdim ki, qanunda biz bunu mütləq nəzərə alaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, biz artıq nahar fasiləsinə yaxınlaşırıq. İndi mən sizinlə məsləhətləşmək istəyirəm. Biz yarım saat da işimizi davam edək? Bu qanunu qəbul edək, yoxsa nahar fasiləsindən sonra işləyək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, çıxış etmək istəyənlər var axı.  Qanun layihəsi ilə bağlı çıxış üçün təkid edən varmı? Görürsünüz, hamı danışmaq istəyir. Onda yarım saat əlavə işləyək, ya nahardan sonra işimizi davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda fasilədən sonra işimizi davam etdirərik. Monitordakı siyahı qalır. Sağ olun.        

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. İclasımız davam edir. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri razılaşarlar ki, təqdim edilmiş  qanun layihəsinin hər bir Azərbaycan vətəndaşına bu və ya digər şəkildə dəxli var. Yol hərəkəti qaydaları elə bir sahədir ki, orada baş vermiş hadisədən hər bir Azərbaycan vətəndaşını sığortalamaq mümkün deyil. Başqa sözlə desək, mən yol hərəkəti qaydalarının daha da sərtləşdirilməsinə tərəfdaram. Lakin bununla bərabər həm də ona tərəfdaram ki, heç bir halda yol hərəkəti qaydalarının pozulmasına görə sui-istifadə hallarına yol verilməsin. Yəni yol hərəkəti qaydaları sərtləşərsə, bu qanunun icrası ilə məşğul olan yol polisləri bu və ya digər şəkildə həmin qanundan və ya qanunda olan boşluqlardan sui-istifadə hallarına yol verməsinlər.
Fikrimi bir az da başqa formada demək istərdim. Necə ki, yol hərəkəti qaydalarını pozan sürücü cərimələrə, bu və ya digər şəkildə inzibati məsuliyyətə cəlb olunursa, sui-istifadə hallarına yol vermiş yol polisi də eyni şəkildə məsuliyyətə cəlb edilməlidir. Çox təəssüf ki, burada proporsiya bəzən pozulur. Yəni sürücü yol vermiş olduğu xətalara görə kifayət qədər məsuliyyətə cəlb olunur. Lakin sui-istifadə hallarına yol vermiş olan yol polisi eyni şəkildə cəzaya və məsuliyyətə cəlb edilmir. Şəxsən mənim özüm, olur ki, rayona gedəndə bir rayonun ərazisindən başqa bir rayonun ərazisinə qədər mənim idarə etdiyim maşını yol polisi çox böyük təkidlə müşayiət etməyə və saxlamaq haqqında səsgücləndirici ilə mənə tapşırıqlar verməyə çalışıb. Mən maşını saxlamamışam, getmişəm. Ona görə ki, mən günahkar deyildim. Ancaq gəlin görək başqa bir vətəndaşı bu cür hallara yol verdiyinə görə hansı cəzalar gözləyə bilər? Bax, bu barədə kifayət qədər düşünülməlidir.
İkinci məsələ, köhnə avtomobillər Bakını məhv etməkdədir. Rusiyada istehsal edilən və aşağı oktanlı benzinlə, yanacaqla təmin olunan maşınlar, əslində, Bakıda böyük bir tüstü dumanı yaradır. Xüsusilə Sumqayıtdan və ya başqa yerdən gələndə hər kəs səhər saat 7-dən 10-a qədər bu tüstü dumanını görə bilər. Ona görə də bu, qadağan olunmalıdır. Buna imkan verilməli deyil.
Tıxaclar deyilən problemi yaradan maşınların yolların kənarlarında  dayandırılmasıdır. Bakı şəhərində buna qarşı konkret addımlar atılmır.
Üçüncü, magistral yollar çəkilib, ancaq orada 90 kilometr sürət məhdudiyyəti qoyulub. Bir balaca sürəti aşırsansa, aydın məsələdir,  radarda müəyyən qeydiyyatlar olunur, sonra evə cərimə gəlir, onu ödəyirsən. Lakin bununla bərabər kol dibində gizlədilən və oradan müşahidə aparan qurğular var, onlar oradan götürülməlidir.
Bu gün dövlət külli miqdarda vəsait sərf edib, yüksək səviyyəli magistral yollar çəkilibdir. Gəlin görək həmin yolun istismarı hansı vəziyyətdədir? Yəni iri ağır tonnajlı yük maşınları  həmin yolları məhv etməkdədir. Bu hallara qarşı daha sərt addımlar atılmalıdır, daha ciddi sanksiyalar tətbiq edilməlidir. Nəticə etibarilə...?
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Amma kol dibində dediyin qurğular olmasa,  sürət 90 yox, 150 kilometr olacaq. Bunun qabağını almaq olmayacaq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, bu gün axırıncı iclasımızdır, gündəlikdə isə hələ 14 məsələ qalıb. Mən təklif edirəm ki, məsələləri bir balaca intensiv müzakirə edək və çıxışlar kəsilsin. Artıq burada onsuz da heç nə deyilmir. Təklifim budur ki, qanun layihəsi səsə qoyulsun. Müzakirələri intensiv aparaq və işimizi saat 6-ya kimi bitirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, sözün varsa, düyməni bas, de. Öyrəncəlisən  yerindən danışmağa. Olmaz belə axı. Bir-iki nəfər də çıxış etsin, sonra çıxışları dayandırarıq. Nazim Məmmədovun sualı var, buyurun.
N.Məmmədov. Çox sağ olun, cənab Sədr. Mən də Vahid müəllimin təklifini dəstəkləyirəm. Ancaq bir sualım da var, fürsətdən istifadə edib  iclasda iştirak edən yol polisinin əməkdaşına vermək istərdim. Hörmətli millət vəkilləri də dəfələrlə deyiblər ki, onların avtomobillərinin müəyyən nişanları olmadığına görə onları saxlayırlar. Fəzail müəllim də çıxışında bunu dedi. Mən bir sual vermək istəyirəm. Ola bilərmi ki, indiki məqamda millət vəkillərinə ayrıca nömrələr verilsin və millət vəkilinin avtomobili bir az fərqlənsin. Tıxaclarda, rayonlara yol gedəndə də bilmək olmur ki, bu avtomobildə millət vəkili gedir və yaxud sadə vətəndaş. Çox sağ olun.
Sədrlik edən. Bu suala mən qısa cavab verə bilərəm. Milli Məclisin və millət vəkillərinin dövlət maşınlarının hamısının öz nömrələri var, bunlar tanınırlar. İnşallah, millət vəkillərinin dövlət maşınları olanda, yəqin, onlar da tanınacaqlar. İndi bu məsələnin yeri deyil. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Mən hörmətli Vahid müəllimin təklifini dəstəkləyirəm, hörmətli cənab Sədr. Mən Əli müəllimə də bu haqda dedim. 33-cü maddədə nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edilir. Təklif olunan variantda “tramvay, trolleybus” sözləri yazılıb. Deyirəm, görəsən, 100 il bundan sonra Azərbaycanda tramvay, trolleybus olacaq, olmayacaq? Bu maddənin qanuna salınmasının nə xeyri var? Bir şey ki yoxdur, yoxun nəyindən danışaq? 
Sədrlik edən. Ümid edək ki, şəhər böyüyür, tramvay da, trolleybus da olacaq. Şəhərin mərkəzindən tramvayların yolları sökülübdür. İndi mən bu haqda qısa bir məlumat verim. Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti 1900-cü illərdə tikilmişdir. 1900, 1905, 1908-ci illərdə tikilmiş evlər var. Bu binaların yerləşdiyi küçələrdə tikinti normasına görə müəyyən edilən müdafiə zonaları yoxdur. Həqiqətən, hesablamışıq, tramvaylar getdikcə bu binalarda çatlar əmələ gəlirdi. Ancaq yeni yollar, yeni istiqamətlər olacaq. Bəlkə adi tramvay yox, hava tramvayları olacaq.
Başqa təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda təklifi səsə qoyuram. Səsə qoyaq, ya davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Pənah Hüseyn, buyur. Sonuncu iclasda istəmirəm, qanıqaralıq düşsün, incik gedəsən. Pənah Hüseynə mikrofon verin.
P.Hüseyn. Çox təşəkkür edirəm. Mən demişəm, yenə təkrar etməyə məcburam. Buradakı deputatların 70–80 faizindən hörmətli Sədr daha demokratikdir.
Hörmətli deputatlar, bu, Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin imici ilə bağlı olan çox mühüm bir məsələdir. Bir çoxlarınız xarici ölkələrdə olmusunuz və ümid edirəm ki, yenə olacaqsınız. Azərbaycanla xarici ölkələrin əksəriyyətini fərqləndirən əsas məsələlərdən biri nədir? Bu, yol nəqliyyatı və yol polisinin xidməti məsələsidir. Mən  bu yaxınlarda o qədər inkişaf etməmiş, demokratik olmayan ölkələrin birində oldum. Həmin ölkədə bütün yolboyu mən yol polisinə təsadüf etmədim. Eləcə də Avropada, hətta keçmiş SSRİ məkanına daxil olan bir sıra respublikalarda, məsələn, qonşu Gürcüstanda yol polisi gözə görünmür və yol-nəqliyyat hadisələri heç də bizdəkindən az deyil. Bu çox mühüm bir məsələdir, təkrar edirəm, dövlətin imici ilə bağlı  məsələdir.
Buradakı dəyişikliklərin hamısına toxunmaq istəmirəm, hörmətli Oqtay müəllim. Burada konkret olaraq sürücülük vəsiqəsinin yen forması təklif olunur. Mən istəyərdim, burada hörmətli nümayəndə sualıma cavab versin. Bu o deməkdirmi ki, buna uyğun olaraq yenə milyonlarla sürücü vəsiqəsi dəyişdiriləcəkdir? Milyonlarla vətəndaşlarımızdan  yenidən pul alınacaqdır? 33-cü maddədən söhbət gedir. Yox, belə deyilsə, xüsusi bir maddə əlavə olunsun ki, bu vaxta qədər olan sürücülük vəsiqələrinə  aid deyildir.
Burada etibarnamələrin verilməsi ilə bağlı nəqliyyat vasitəsinin dövlət qeydiyyatından təkrar keçirilməsi haqqında çox mühüm bir müddəa vardır. Əgər bir vətəndaş, yaşlı şəxs, istənilən bir şəxs oğluna, qızına  etibarnamə verirsə… Söhbət ipoteka müqavilələrindən getmir. Hər dəfə  etibarnamə verilməsinə görə nəqliyyat vasitəsi niyə dövlət qeydiyyatından keçməlidir? Deməli, növbəti rüsumlar və başqa ödənişlər olmalıdır.
Burada məcburi dayandırmaq vasitələrindən istifadə edilməsi məsələsinə hörmətli Qüdrət bəy də toxundu. Yazılıb ki, bu və ya digər vasitələr təsir etmədikdə nəqliyyat vasitəsi məcburi dayandırıla bilər. Yol-nəqliyyat hadisələrinin bir çoxu ya təqib vaxtı baş verir, ya da məcburi dayandırma halları ilə bağlı olur. Stasionar postlarda məlum vasitələr var. Həmin postlarda onlar saxlanıla bilərlər. Amma Nəqliyyat Nazirliyinin müfəttişləri yük maşınını verirlər maşının qabağına və bununla bağlı nə qədər bədbəxt hadisələr baş verir.
Yaşayış zonalarında və həyət ərazilərində sürətin 20 kilometrə endirilməsi haqqında maddə nəzərdə tutulur. Həyətləri başa düşdük, yəni həyətlərdə, həqiqətən də, sürət aşağı olmalıdır. Amma səhv etmirəmsə, 5.55 nişanı ilə qeyd edilən yaşayış zonaları və yaşayış məntəqələrinin bu şəkildə fərqləndirilməsi məsələsinə Fəzail bəy də toxundu. Bunun  nələrə aparıb çıxaracağı aydın deyildir.
Mən sözümü yekunlaşdırıram. İclasda iştirak edən hörmətli nümayəndə, bu çox mühüm məsələdir. Həqiqətən, bu, yüz minlərlə, milyonlarla insanın və seçicilərimizin həyatı ilə bağlı olan əsəb, nevroz yaradan hallardan biridir. Son 3 ildə bu sahədə böyük dəyişiklik edilmişdir. Qardaş, birdəfəlik yığışın, outrun, bu məsələyə aydınlıq gətirin. Cərimələri biz  başa düşdük. Bu məsələ ilə bağlı  2009, 2008 və 2007-ci illərdə  dəyişikliklər olub. Mən xüsusi olaraq baxdım. Özü də hamısı çox böyük dəyişikliklərdir. Bu məsələlər, qeyd etdiyim kimi, açıq-aydın korrupsiya halları yaradır. Mən sizə deyim ki, bu sahədəki çatışmazlıqlar respublikanın, dövlətin, gələnlərin, gedənlərin, əhalinin həyatını açıq-aydın korlayır, həyatını əsəbi vəziyyətə salır. Sizlər də bunu hamınız yaxşı bilirsiniz, hörmətli deputatlar. Ona görə də mən çox xahiş edərdim ki, suallara aydınlıq gətirilsin.
Heç də tələsməyək, digər məsələlər beynəlxalq müqavilələr haqqındadır. Gündəlikdə cəmi iki qanun layihəsi var, bunlar da birinci oxunuşdan keçib. Hesab edirəm, bunlarla bağlı  böyük bir müzakirəyə ehtiyac yoxdur. Əsas məsələ bu idi. Mən dediklərimi dedim,  bir daha təkrar edirəm, hərə özü bir qanun yazıb. Burada edilən dəyişikliklərin 70 faizinin məqsədəuyğunluğu məsələsinə baxmaq olar. Bunların içərisinə qəsdən 3–4, təkrar edirəm, korrupsiya tutumlu maddəni salırlar və sonra da bizim adamlar  bədbəxt qalırlar.
Texniki xidmət vasitələri barədə şikayətlər daxil olur. Məsələn, Bakı şəhərində ancaq bir yerdə maşınlar texniki baxışdan keçirilir. Orada bir  şlaqbaum qoyublar, kimin hünəri var, bir manat verməmiş oradan keçsin. Ümumiyyətlə, digər rayonlarda da  eyni məsələni tətbiq etməyə başlayıblar. Mən bütövlükdə yol-nəqliyyat hadisələrinə aid bütün məsələlərə toxunmuram. Bizə hörmət edənlər də var, bəli. Mən sürücü olmasam da görürəm. Onlara təşəkkürümüzü bildiririk. Əziyyət çəkib günün altında, yağışda dayanıb təhlükəsizliyi təmin edən şəxslər də vardır. 
Sədrlik edən. Deməli, çıxışınız bitdi, Pənah bəy. Bir sualım olacaq sənə. Sənin sürücü vəsiqən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Onda niyə şərləyirsən ki, sürücülük vəsiqəsinə görə pul alırlar? Əgər sürücülük vəsiqən olsa idi, sənə münasibətdə bu hərəkətləri etsəydilər, deyə bilərdin. Bir dəqiqə, əyləş yerində. Hər bir qanun layihəsində sən korrupsiyadan başqa bir şey görmürsən. Elə bir qanun layihəsi yoxdur ki, sən orada korrupsiyadan danışmayasan. Hamı öyrəncəli olub sənin bu sözlərinə. Mübariz Qurbanlı. 
M.Qurbanlı. Çox sağ olun, Oqtay müəllim. Mən bircə söz deyəcəyəm. Mən millət vəkillərindən xahiş edirəm, xarici ölkələrin yol hərəkəti haqqında qanunlarına baxsınlar. Mən deyərdim, bəlkə də ən mülayim qanunlardan biri bizdədir. Mən istəyirəm, bu qanun daha sərt olsun. Azərbaycanda avtomobillərin sayı durmadan artır. Bu proses sosial-iqtisadi inkişafla bağlı gedir. Bakıda avtomobillərin sayı artır. Yol qovşaqları, yeraltı keçidlər tikilir, müxtəlif işlər görülür. Amma avtomobillərin sayı durmadan artır. Əgər biz avtomobillərin sayına müqabil yol hərəkəti haqqında qanunları sərtləşdirməsək, onda bizdə yol-nəqliyyat hadisələrinin və bundan ölənlərin sayı da durmadan artacaq. Bunlara görə də Dövlət Yol Polisini və sairi ittiham etmək lazım deyil.
Çində sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədəni edam edirlər. Elə ölkələr var ki, orada 10 il iş verirlər, ömürlük sürücülük vəsiqəsindən məhrum edirlər. Piyadalara qarşı da bu qanun çox mülayimdir. Keçidlər tikilib. Hamımız müşahidə edirik ki, piyadalar keçidlərdən keçmirlər. Keçidlərə böyük xərc çəkilib. Deyirsiniz ki, Dövlət Yol Polisi bu hallara qarşı tədbir görməsin? Ağır tonnajlı avtomobilləri yola salırlar, milyonlarla pul sərf olunmuş yolu çökdürürlər. Nə etmək lazımdır? Buna qarşı sərt tədbirlər görmək lazımdır.
Əgər biz sərt tədbirlərin arxasında korrupsiya olduğunu düşünürüksə, onda biz milli maraqları tapdalamış oluruq. Niyə hər yerdə korrupsiya axtarırsınız? Yol polisinə səlahiyyət verilməsə, gözə görünməsin? Gözəgörünməz olsun? Necə olsun? Hər yerdə görünür. Amerika Birləşmiş Ştatlarında yol polisi avtomobilləri təqib edir, hətta təhlükə yaradır, qəza törədir, amma yenə təqib edir. Nə bilsin, avtomobilin içindəki kimdi? Saxlamırsa, cinayətkardır. Polis haradan bilsin ki, kimdir? Ona görə təqibə də, avtomobili saxlamağa da icazə vermək lazımdır. Heç bir kəsə də üstünlük vermək lazım deyil. Mən millət vəkiliyəm, saxlasın, mənim də sürücülük vəsiqəmi əlimdən alsın. Yoxsa biz ölkəmizi xaosa apararıq, Afrikadakı ölkələrin gününə salarıq. Çox sərt qanun qəbul etmək lazımdır. Mən bu qanun layihəsini dəstəkləyirəm, təşəkkür edirəm.
Sədrlik edən. Bəzi hallar var, burada mən açıqlamaq istəmədim. Bir çox ölkələrdə təqib yox, maşın dayanmayanda avtomatdan atəş də açırlar. Yəni belə hallar ən inkişaf etmiş ölkələrin çoxunda var. Çox misallar gətirmək olar. Ramiz Hüseynov, sürücülük vəsiqələrinin dəyişdirilməsi barədə suala cavab verin.
R.Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinə bildirilən iradlarla bağlı, həqiqətən, müəyyən izahlar verilməsinə ehtiyac var. Birinci,  millət vəkili Qüdrət Həsənquliyev 85-ci maddə ilə, 19 yaşla bağlı  sual vermişdi. 85-ci maddədə avtomaşınların hamısının saxlanılması məsələsinə toxunulur. Məsələ qaldırıldı ki, avtomaşınlar bütün hallarda saxlanılmasın, yəni bu məsələ daxili təlimatlarla hansı isə formada tənzimlənsin. Məlumat üçün sizə bildirim ki, bu gün həddindən artıq sayda axtarışda olan insan və nəqliyyat vasitələri var. Hər gün biz  saxlanılması vacib olan avtomaşınlar barədə çoxlu sayda məhkəmə qərarları alırıq. Bunların icrası, faktik olaraq, mümkünsüzdür. Əgər biz bunları şəhər şəraitində saxlaya bilmiriksə, bunların saxlanılması yalnız postlarda mümkün hesab olunur.
Hərbiçilərin 19 yaşdan “D” kateqoriyalı sürücülük vəsiqəsi ala bilmələri ilə bağlı məsələyə münasibət bildirim. Bu, bütövlükdə hərbi ehtiyaclardan irəli gələn bir haldır və yenilik deyil, köhnə qanunvericilikdə də  bu məsələ var idi. Nəzərə almaq lazımdır ki, hərbiçilər avtomobil idarə edərkən onların yanında komandir heyətindən mütləq bir nəzarətçi olur. Onlar maşını tək idarə etmirlər. Onlar məhdud bir ərazidə avtomobil idarə edirlər. Çox vaxt da həmin maşınlar karvan kimi cərgə ilə gedirlər. Bu baxımdan hərbi ehtiyaclar da nəzərə alınmaqla onlara müstəsna hallarda 19 yaşdan bu hüququn verilməsi nəzərdə tutulur.
Təqiblə bağlı məsələyə münasibət bildirmək istəyirəm. Bilirsiniz ki, gənclər arasında avtomobildən istifadə edərək vətəndaşların asayişini pozmağa meyl göstərən insanlar var. Bunu etiraf etməliyik. Hər gün bizə yüzlərlə şikayət, telefon zəngi gəlir. Əgər biz həmin avtomobillər təqib etməyəcəyiksə, bunları hansı qaydada, hansı qanuni əsaslarla saxlamalıyıq? Bu da bizim üçün bir çətinlik yaradır.
Sürücülük vəsiqələrinin dəyişdirilməsi təklifi Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının detektivlərinə uyğunlaşdırılması ilə bağlıdır. Orada o qədər də böyük fərq yoxdur. Sadəcə, bizim qanunvericiliyin motosikllərin  idarə olunması ilə bağlı fərqli hissəsi var.  16 yaşdan motosikl idarə etmək hüququ alan şəxs, eyni zamanda, əmək fəaliyyəti ilə məşğul olur. O, motoroller ilə yük də daşıya bilər. Bu kimi hallar uyğunlaşdırılmalıdır. 16 yaşdan hamı bu işlə məşğul olmamalıdır.  “B” kateqoriyası olan sürücülərin qoşqu ilə avtomobili idarə etmək məsələsi burada yenilikdir. Bu məsələ bizim qanunvericiliklə tənzimlənmirdi. Layihədə həmin məsələ konkretləşir. Tramvay, trolleybusla da bağlı hörmətli Sədr öz münasibətini bildirdi. Vəsiqələrin dəyişdirilməsi də nəzərdə tutulmur. Əgər qanun qəbul olunacaqsa, bundan sonra verilən vəsiqələrdə bu cür qeydlər aparılacaq.
Sədrlik edən. Aydın oldu ki, vəsiqələr korrupsiya mənbəyi deyil.  Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr                        (saat 16.25 dəq.)
Lehinə                                                                        95
Əleyhinə                                                                      2
Bitərəf                                                                         0
Səs verməd                                                                 2
İştirak edir                                                                   99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə 1999-cu il tarixli qanunla təsdiq olunub. Amma sonrakı mərhələdə biz “Dövlət qulluğu haqqında” Qanunu qəbul etmişik. Bu gün müəyyənləşdirilmiş ümumi prinsip ondan ibarətdir ki, bütün xidmət növləri üzrə xidmətə qəbul edilən şəxslərə “Dövlət qulluğu haqqında” Qanunun ümumi prinsipləri, daha dəqiq, vətəndaşların dövlət qulluğuna qəbul edilmə hüququ, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsi, dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları şamil olunmalıdır.
Beləliklə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə indi təklif olunan dəyişikliklər sonradan dövlət qulluğunda öz əksini tapmış ümumi prinsiplərin gömrük orqanlarına da şamil olunmasını özündə ehtiva edir. Bir də gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti münasibətlərinin tənzimlənməsi, kiçik heyət, orta heyət, baş, ali rəis heyəti vəzifələrinə uyğun olaraq xüsusi rütbələrin verilməsi qaydası müəyyənləşdirilir.
Nəhayət, məlumat üçün deyim ki, gömrük orqanlarında xüsusi bir tibbi xidmət də yaradılıb. Çox müasir standartlara cavab verən xəstəxana, ümumiyyətlə, tibbi xidmət mövcuddur. Təklif olunur ki, onlara da tibbi xidmətə uyğun olaraq  tibb xidməti baş giziri, tibb xidməti kiçik leytenantı və sair rütbələrin verilməsi nəzərdə tutulsun. Hazırda onlar  bu xidməti ancaq mülki qaydada yerinə yetirirlər. Beləliklə, hesab edirəm ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə edilən əlavə və dəyişikliklər bu əsasnaməni həm “Dövlət qulluğu haqqında” Qanuna uyğunlaşdırır, həm də artıq reallıqda mövcud olan münasibətlərin tənzimlənməsinə xidmət edir. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz. 

Səsvermənin nəticələri                        (saat 16.28 dəq.)
Lehinə                                                                        95
Əleyhinə                                                                      0
Bitərəf                                                                         0
Səs verməd                                                                 0
İştirak edir                                                                   95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqındadır. Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr,  dərman vasitələrinin reklamı ilə bağlı  dəyişikliklər edilməsi nəzərdə tutulur. Dörd qanuna edilib. “Reklam haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında”  Qanuna, “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilir. Dəyişikliyin mahiyyəti nədən ibarətdir? Əvvəlki qanunda reseptlə  verilən dərmanın reklamı qadağan edilmişdi. Reseptsiz verilən dərmanlar reklam olunurdu.
Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz verilən dərmanlar indi də reklam olunur. Bu gün  Azərbaycan televiziya məkanında, Rusiya kanallarında, MDB məkanında olan bütün televiziya kanallarında reseptsiz dərmanların reklamına yol verilir. Bu qanuna edilən dəyişiklik, əslində, yenə də əhalinin sağlamlığının qorunmasına xidmət edir. “Dərman vasitələri haqqında”  Qanunda dərman vasitələrinin hansı qaydada reklam edilməsi təsbit olunub. “Reklam haqqında” Qanuna görə isə  dərmanların reklamına müvafiq icra hakimiyyətinin rəyi əsasında icazə veriləcək. Beləliklə, bu dəyişikliklər, əslində, Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına xidmət edəcək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Bilirəm, işimiz çoxdur, vaxta qənaət etmək lazımdır, ona görə də birbaşa təklifə keçmək istəyirəm. Bugünkü əlavə və dəyişikliklərlə bağlı  bir iradım yoxdur. Amma “Reklam haqqında” Qanuna bir dəyişiklik vermək istəyirəm. Bu da hazırkı qanunvericilikdə “sosial reklam” anlayışının olmaması və televiziyada  sosial məzmunlu reklamları yerləşdirə bilməməyimizlə bağlıdır. Məsələ burasındadır ki, vətənpərvərlik, ekologiya, həyatın ayrı-ayrı sahələri ilə bağlı ictimai əhəmiyyət kəsb edən mövzular var ki,  biz bunları kanallarda yerləşdirə bilmirik. Səbəb də odur ki, respublika qanunvericiliyində boşluq var. Ona görə təklif edərdim, yaxın zamanda bu məsələyə baxaq.
Bilirsiniz ki, bir saat televiziya vaxtında 12 dəqiqə kommersiya xarakterli reklamlar üçün ayrılır. Həmin 12 dəqiqəni 14 dəqiqəyə qədər artıra və həmin 2 dəqiqəni sosial reklamlara verə bilərik.  Bu təklifi həyata keçirsək, həm də televiziyaların maraqlarını qoruyub saxlaya bilərik. Televiziyada reklam üçün ayrılan 12 dəqiqədən sosial reklama vaxt ayırmayaq. Hesab edirəm ki, Milli Teleradio Şurasına bununla bağlı səlahiyyət vermək olar. Milli Teleradio Şurası bu  prosesi tənzimləyə bilər. Cənab Sədr, bu təkliflə çıxış etmək istəyirəm və   komitənin imkanı olsa, gələcəkdə bu məsələyə baxsın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Nəzərdən keçirdiyimiz dəyişikliklər və əlavələr bütün sahələrdə olduğu kimi, dərman preparatlarının istehsalı, satışı, istehlakı sahəsində də dövlət tərəfindən effektli mexanizmlərin yaradılmasına və tətbiqinə, bu sahədə həyata keçirilən nəzarət mexanizminin möhkəmlənməsinə, eyni zamanda, vətəndaşın sağlamlığının qorunmasına, həyatı üçün təhlükənin minimuma endirilməsinə səbəb olan məqamları ehtiva edir. Söhbət müxtəlif əmtəə növlərinin, konkret olaraq dərman vasitələrinin reklamının xüsusiyyətlərinin, onların reklam edilməsinin, əhaliyə dərman vasitələrinin buraxılması qaydalarının, ümumilikdə  dərman vasitələri haqqında qanunvericiliyin dəqiqləşdirilməsindən və təkmilləşdirilməsindən gedir. Əlbəttə, əhalinin sağlamlığı və tibbi təhlükəsizliyi baxımından əhəmiyyətli olan bu əlavə və dəyişikliklərə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Amma eyni zamanda, sual doğuran bəzi fikirlərimi də bölüşmək istəyirəm.
Layihədə “Dərman vasitələri haqqında” Qanuna əlavə edilməsi nəzərdə tutulan 16-1-ci maddə “Dərman vasitələrinin reklamı” adlanır. Özündə dərman vasitələrinin reklamını qadağan edən 11 məqamı birləşdirir. Bu günə qədər qüvvədə olan qanunvericiliyə görə dərman vasitələrinin reklamı qadağan idi. Lakin bu gün müzakirə etdiyimiz layihəyə əsasən həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına müəyyən məhdudiyyətlərlə də olsa, artıq icazə veriləcək. Bu qadağaların bir hissəsi tam obyektiv səbəblərdən doğan silsilə tədbirlər olaraq qiymətləndirilməlidir. Lakin reklamın mahiyyətinə və reklamçılıq  işinin xüsusiyyətlərinə ziddiyyət təşkil edən məqamlar da var. Onların bir neçəsinə diqqət edək.
16-cı maddənin 1.2.2, 1.2.3, 1.2.6, 1.2.7 və 1.2.8-ci müddəalarında dərman vasitələrinin reklamı zamanı qadağan edilən hallara baxaq. Burada göstərilir ki, “reklam olunan dərman vasitələrinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək”; “reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını  ehtiva etmək”; “reklam olunan dərman vasitəsinin müsbət təsirinə, onun təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək”; “reklam olunan  dərman vasitəsini bioloji aktiv əlavə və qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək” qadağandır.
İndi gəlin “reklam” sözünün etimologiyasına nəzər salaq. Reklam nədir? Latın sözü olub, elan etmək, məlumat vermək, nəyəsə dair məlumat yaymaq deməkdir. Digər tərəfdən, 1997-ci ildə Milli Məclisdə qəbul edilən və bu gün müzakirəmizin predmeti olan “Reklam haqqında” Qanunda da “reklam” anlayışı izah edilərək göstərilir ki, “reklam fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır”.
Qısaca desək, reklamın məqsədi və mahiyyəti alıcının marağını cəlb etmək və daha effektli satış həyata keçirməkdir. Əgər istehsalçı və ya reklamçı istehsal və reklam etdiyi məhsulun, burada konkret olaraq dərman vasitəsindən söhbət gedir, nəticə əldə etməyə xidmət edən keyfiyyəti və tərkibi barədə məlumat verə, onun müsbət təsirini qeyd edə bilməyəcəksə, belə olan halda nəyi, nə üçün və necə reklam edəcək?
Eyni zamanda, göstərilir ki, dərman reklamında fiziki şəxslərin minnətdarlığı yer almamalıdır. O zaman niyə yuyucu tozların, şampunların, sabunların reklamında bütün yuxarıda qeyd edilən məhdudiyyətlər qoyulmur? Bir qadın  səhərdən axşama qədər bir yuyucu tozunu tərifləyib deyir: “ərimin köynəklərini yuyarkən çox əziyyət çəkirdim, yaxşı ki, bu toz var, indi onun köynəkləri qar kimi bəyazdır”. Yaxşı, bu qadın yuyucu toz, istifadə etdiyi şampun üçün minnətdarlıq edə bilər, amma deyək ki, gənc qalmasına səbəb olan bioaktiv əlavə və dərmandan istifadə etdiyini açıqlaya bilməz. Cavab verilə bilər ki, yuyucu toz, şampun dərman vasitəsi deyil. Doğrudur. Amma hər birinin tərkibində kimyəvi maddə var və birbaşa insan orqanizmi, dəri ilə təmas edir. Ümumiyyətlə, hansısa dərman vasitəsi satışa buraxılıbsa, deməli, onun təhlükəsizliyinə artıq təminat var. Bu dərman vasitəsi, axı, hansısa evdə axşam bişirilib səhər satışa çıxarılmır ki...
Sədrlik edən. Jalə xanım, 5 dəqiqə bitdi. Bizə etimologiyadan danışırsan. Tərifi hamımız bilirik. Bunlar yoxlanılmış dərmanlardır,  reklam edən də həmin dərmanları insanlara çatdırmaq istəyir. Burada başqa bir şey yoxdur.  Baba Tağıyev, sən də etimologiyadan danışırsan?
B.Tağıyev. Cənab Sədr, vaxtın azlığını nəzərə alıb mən çıxışımı yazılı surətdə təqdim edəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri                        (saat 16.38 dəq.)
Lehinə                                                                        97
Əleyhinə                                                                     0
Bitərəf                                                                         0
Səs verməd                                                                 0
İştirak edir                                                                   97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Gülər xanım Əhmədova məlumat verir. Buyurun, Gülər xanım.
G.Əhmədova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim,  bildirmək istəyirəm ki, biz komitənin iclasında “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə etdik. Komitə üzvlərinin yekdil qərarı ilə bunu parlamentə təqdim edirik. Əgər təklif verirsinizsə, biz bunu səsverməyə qoya bilərik.
Sədrlik edən. Sağ olun, Gülər xanım. Nə təklif olacaq? Buyurun, münasibət bildirək. 

Səsvermənin nəticələr                        (saat 16.40 dəq.)
Lehinə                                                                        90
Əleyhinə                                                                      0
Bitərəf                                                                         0
Səs verməd                                                                 0
İştirak edir                                                                   90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Bu məsələ ilə əlaqədar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülər xanım məlumat verəcək. Buyurun, Gülər xanım.
G.Əhmədova. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Bildirmək istəyirəm ki, doğrudan da, bu sazişin əlamətdar məqamları ondan ibarətdir ki, 2005-ci ildə Yəmənin paytaxtı Sanada keçirilən İslam Konfransı Xarici İşlər Nazirlərinin 32-ci iclasında qəbul etdikləri xüsusi qətnamə ilə DƏİKGF İKT-yə bağlı beynəlxalq qurum statusu almışdır.
Cənab Prezident 2004-cü il 1–4 dekabr tarixində Bakı şəhərində keçirilən təsis qurultayında iştirak etmişdir. Eyni zamanda, bu müddət ərzində mərkəz mədəniyyətlərarası tədbirlərdə aktiv fəaliyyət göstərmişdir.  2007-ci ildə Heydər Əliyev Fondunun dəstəy ilə və Mehriban xanım Əliyevanın himayəsi altında “Gənclər mədəniyyətlərarası dialoqlar uğrunda” adlanan genişmiqyaslı beynəlxalq tədbir keçirilmişdir. Məhz həmin tədbirin nəticəsində İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülən bu təşəbbüs böyük diqqətə səbəb olub və BMT-nin Mədəniyyətlər İttifaqı prosesinin tərkib hissəsi kimi qəbul edilib.
Təşkilatın mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla xanım Əliyeva BMT-nin Mədəniyyətlər İttifaqının 2008-ci ildə Madriddə keçirilən ilk və 2009-cu ildə İstanbulda keçirilən II illik forumlarında iştirak edib və İstanbuldakı forum zamanı İslam Konfransı Gənclər Forumunun təşəbbüsü əsasında yeni qurulacaq Sivilizasiyaların Alyansı Uğrunda qlobal gənclər hərəkatının ilk təsis konfransının Bakıda keçirilməsi təklifini irəli sürüb. Leyla xanımın bu təklifindən sonra 28–29 may 2010-cu ildə İslam Konfransı Gənclər Forumu nümayəndələrinin də iştirak etdikləri Braziliyada keçirilən BMT-nin Mədəniyyətlər İttifaqının III illik forumunda sözügedən hərəkatın ilk təsis konfransının 2010-cu ildə Bakıda keçirilməsi təsdiqlənib və Alyansın tədbirlər planına daxil edilib.
Eyni zamanda, hamınıza çox gözəl məlumdur ki, məhz Leyla xanım  Əliyevanın təşəbbüsü ilə və hamımızın maraq və iftixarla izlədiyimiz “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının həyata keçirilməsi də İslam Konfransı Gənclər Forumu tərəfindən koordinasiya olunur. Həmin forumun mədəniyyətlərarası dialoqlar üzrə Baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə lazımi şəkildə çatdırılması ilə yanaşı, həmin cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını hədəfləyən bu kampaniya iki il müddətinə çox ciddi uğurlara imza atıb. Belə ki, kampaniyanın 30-dan artıq ölkədə həmin ölkələrin vətəndaşları arasından seçilmiş milli koordinatorları mövcuddur. İki il müddətində kampaniya çərçivəsində 40-a yaxın ölkədə 70-ə yaxın müxtəlif səpkili tədbirlər keçirilib.
Bütün bunlarla yanaşı, İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Xocalı faciəsini tanıyan, onu insanlığa qarşı törədilmiş cinayət kimi qəbul edən beynəlxalq əhəmiyyətə malik mühüm sənədlər qəbul olunub. Bu baxımdan 2010-cu ilin yanvar ayında Uqandada İKT-nin Parlament ittifaqının qəbul etdiyi və həmçinin 2010-ci ilin may ayında  Düşənbədə İKT Xarici İşlər Nazirlərinin 37-ci iclasının qəbul etdiyi qətnamələr xüsusi əhəmiyyətə malikdir.
Yuxarıda qeyd olunanların və İslam Konfransı Gənclər Forumunun fəaliyyətinin həm dövlətimiz, həm də ümumilikdə İslam dünyasının gəncləri üçün əhəmiyyətini diqqətə alaraq, eyni zamanda, 2013-cü ildə keçiriləcək İKT-nin ali orqanı olan İKT Dövlət Başçıları Sammitinə ev sahibliyi etməyə namizədliyini irəli sürən Azərbaycan dövlətinə, İKT institutuna ev sahibliyi etməyin əlavə üstünlük qazandıracağını nəzərə alaraq İKT Xarici İşlər Nazirlərinin Düşənbədə keçirilən 37-ci iclasında 2010-cu ilin may ayının 18-də Azərbaycan Respublikası Hökuməti ilə İslam Konfransı Gənclər Forumu arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-in Avrasiya üzrə regional mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu gün, məncə, yekdilliklə səs verilməsi çox gözəl bir hal olardı. Əminəm ki, bu belə də olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, geniş məlumata görə çox sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 16.45 dəq.)
Lehinə                                                                        94
Əleyhinə                                                                       1
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    95

Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında” Müqavilənin təsdiq edilməsi ilə bağlıdır. İcazənizlə, mən bu barədə məlumat verərdim. Bu müqavilə bizim komitədə müzakirə olunub. Bilirsiniz ki, bu günə qədər Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı 10-dan artıq konvensiyaya qoşulub. Bizim bu barədə xeyli qanunlarımız var. Hesab edirəm ki, möhtərəm Prezident tərəfindən təqdim olunmuş bu qanun layihəsi də Azərbaycanın milli və dövlət maraqlarına uyğundur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan bu müqaviləyə xüsusi rəy ilə qoşulur. Həmin sənədlərlə siz tanışsınız. Buna görə də hesab edirəm ki, bu müqaviləyə səs vermək və qəbul etmək olar. Etiraz yoxdur? Bununla bağlı Sabir Rüstəmxanlı danışmaq istəyir. Buyurun. 
S.Rüstəmxanlı. Terrorla mücadilə, bilirsiniz ki, bu gün dünyada ən ciddi problemlərdən biridir. Bütün beynəlxalq təşkilatları, başda NATO olmaqla, məşğul eləyən bir məsələdir və Azərbaycan da həmişə bu məsələni dəstəkləyib. Amma məni narahat edən bir məsələ var, onu burada hökmən deməliyəm. Mən həmişə Azərbaycan vətəndaşlığını dövlətçiliyin ilkin şərti hesab etmişəm. Buna görə də Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışam, onun başçısıyam. Etnik qarşıdurmaya qarşıyam, Azərbaycanda yaşayan bütün millətlər bizim qardaşımızdır, dostumuzdur, hamısı bir ölkənin vətəndaşlarıdır.
Bilirsiniz, Türkiyə dünən yox, srağagün yenə çoxsaylı şəhid, 12 nəfər şəhid verdi. PKK hər gün türk cavanlarını qətlə yetirir. Bizim ölkənin başçısı mərhum Heydər Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Yəni mənim millətimin bir parçasına qarşı hər gün terror əməliyyatı aparılır. Eyni zamanda, Azərbaycanda mətbuat orqanları var ki, səhifələrində PKK-nın türk xalqının azadlıq təşkilatı olduğunu yazırlar. Azərbaycanda çap olunan qəzetdə gecə-gündüz Azərbaycan və Türkiyə türkləri təhqir olunurlar. Dolayı yolla terror təşkilatına dəstək verilir. Bu qəzetlər mənə təhqiramiz təsir bağışlayır. 
Bu günlərdə bir zərf almışam, “Diplomat” qəzetini mənə göndəriblər. Həmin qəzetdə  yazılıb  ki, PKK azadlıq təşkilatıdır, PKK-nın terrorla əlaqəsi yoxdur. Dünya PKK-nı terror təşkilatı kimi tanıyır, Azərbaycanda çap olunan bir qəzet ona azadlıq təşkilatı kimi baxır. Biz hansı yolla gedirik? Bu necə münasibətdir? Bizim dövlət olaraq da, millət olaraq da iki sifətimiz ola bilməz. Bir sifətimiz olmalıdır. Qəzetin son nömrələrinin birində yazılır: “Kürd xalqı mübariz və qəhrəman xalqdır”. Həmin sözlərin altında “Heydər Əliyev” yazılıb. Heydər Əliyev bir çox xalqlar haqqında buna bənzər sözlər deyib, kürd xalqı haqqında da deyib, təbiidir. Amma o, bu sözləri Öcalan haqqında deməyib, Səlahəddin Əyyubi haqqında deyib. Vaxtilə belə qəhrəmanlar türk və kürd müsəlman xalqlarını qoruyurdular. O vaxtlar ayrı-seçkilik yox idi. Birlik var idi və türk birliyi dünyanın bir sıra güclərinə qarşı bir yerdə mübarizə aparırdı. İndi açıq-aşkar qarşıdurma var və bir terror təşkilatı gecə-gündüz Türkiyə dövlətinə və türk xalqına, o cümlədən mənim də xalqıma qarşı düşmənçilik edir. On minlərlə insan qətlə yetirilir.
Belə bir vəziyyətdə Azərbaycan hüquq mühafizə orqanları necə rəva görürlər ki, gözümüzün qabağında bir belə qəzet çıxsın və sonra da bunu zərfə qoyub millət vəkilinə göndərsinlər ki, al, yana-yana qal, mən sənin ölkəndə, sənin gözünün qabağında sənin millətini qıran bir terror təşkilatına “igid, qəhrəman təşkilat” deyirəm, başda da sənin millətinin böyüyünün bir şüarını verirəm, mənə heç kim də heç nə eləyə bilmir? Bu cür yaşamaq olmaz, hörmətli Ziyafət müəllim. Bu məsələlərdə aydınlıq olmalıdır. Biz mövqelərimizi bildirməliyik. Ya Türkiyənin  yanındayıq və Türkiyənin bütün siyasətini dəstəkləyirik, ona qarşı olan terror təşkilatına terror təşkilatı kimi baxırıq, ya da ikiüzlü siyasətlə...
Mən bir məsələni dəfələrlə demişəm. Bakıda və Sumqayıtda böyük binalar var, bunların üzərindəki sözləri Azərbaycan dilində yazmaq istəmirlər. Məsələn, yazır: “green house”. Müxtəlif xarici dillərdə yazırlar. Kimlərindir bunlar? Bunların bir ucu PKK təşkilatına bağlı  adamlara gedib çıxır. Mənim dilimə də hörmət etmirlər, bütün dillərdə yazmaq istəyirlər, təkcə türk dili olmasın. Dolayı yolla biz aydınlaşdırmalıyıq ki, Azərbaycanda hansı güclər nə işlər görürlər? Biz bu ölkədə öz gələcəyimizə arxayın şəkildə yaşamalıyıq. Mən xahiş edirəm, bunlar məni ciddi narahat edir. Mən həmin yazıları oxuyanda heyrətə gəldim. 20 il bundan əvvəl müstəqillik qazanmışıq ki, mənim müstəqil dövlətimdə müstəqil şəkildə məni təhqir etsinlər? Bu cür ola bilməz. Təşəkkür edirəm.  
Sədrlik edən. Sabir müəllim, Siz bir deputat kimi bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmisiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müraciət edin. Görürsünüz, danışmağa nə var ki? Amma əməl eləyin. Sizə kim mane olur? İkinci tərəfdən, heç kim ikiüzlü siyasət yetirmir, Azərbaycan həmişə terrorizmə qarşı mübarizədə Türkiyənin  yanında olub və bu gün də yanındadır. Bunu dəfələrlə bəyan etmişik və bu gün də bəyan edirik. Hər şeydən əvvəl  Türkiyə bizə qardaş dövlətdir. İkinci, biz özümüz terrordan çox əziyyət çəkən bir dövlət, xalq olmuşuq. Burada hansı ikiüzlü siyasətdən söhbət gedə bilər, Sabir müəllim? Ayıb deyilmi belə söhbət? Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri                        (saat 16.51 dəq.)
Lehinə                                                                        94
Əleyhinə                                                                       2
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Məlumat verir İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, icazə versəniz, 14-cü məsələ də həmin məsələnin davamıdır, birlikdə məlumat verim, sonra ayrılıqda səsvermə keçirərik. Olarmı?
Bilirsiniz ki, artıq neçə illərdir ki, Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Əqli mülkiyyətin qorunmasına iqtisadi inkişafın amili kimi baxılır. Cənab Prezidentin müəyyən etdiyi tədbirlər nəticəsində müvafiq dövlət agentliyi bir çox ölkələrlə əməkdaşlıq edir və “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsində, eləcə də “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktında müəyyən normativ təkliflər irəli sürülür ki, əqli mülkiyyətin qorunması, beynəlxalq sazişlərə qoşulmanın strukturu, maddələrin mahiyyəti açıqlanır. Millət vəkillərindən xahiş edirəm ki, bu sənədlərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Təklif nədir? Buyurun, xahiş edirəm, “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə münasibət bildirin.

Səsvermənin nəticələri                        (saat 16.54 dəq.)
Lehinə                                                                         93
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  2
İştirak edir                                                                    95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
“Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin. 

Səsvermənin nəticələri                        (saat 16.54 dəq.)
Lehinə                                                                         93
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  1
İştirak edir                                                                    94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Ziyafət müəllim, məlumat üçün bildirim ki, “Gömrük tarifi haqqında” Qanunun 1-ci maddəsinə aşağıdakı redaksiyada maddə əlavə olunur: “tarif kvotası – müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən olunmuş miqdardan artıq malların idxalı zamanı daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan tənzimləmə üsulu kimi qiymətləndirilir”. Bundan başqa, “Gömrük tarifi haqqında” Qanunun 33-cü və 35-ci maddələrinə “idxal üçün tarif kvotaları” sözləri əlavə edilir. Əvvəllər “idxal üçün kvotalar” yazılırdı. Amma bu gün təklif olunur ki, “idxal üçün tarif kvotaları” sözləri əlavə edilsin. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə də münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 16.56 dəq.)
Lehinə                                                                        97
Əleyhinə                                                                       1
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə.
A.RəhimzadəMilli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Müzakirəyə təqdim olunan qanun layihəsində Qax şəhərinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.      4 həmsərhəd kəndin hesabına Qax şəhərinə əlavə 496,9 hektar torpaq ayrılır. Əslində, bu ərazilər Qax şəhərinin himayəsi altındadır. Çünki burada 1970-ci illərdən başlayaraq Qax şəhərinin müxtəlif obyektləri tikilib. Əhalinin bir çoxu Qax şəhərində pasport qeydiyyatındadır. Bu ərazilərin Qax şəhərinə verilməsi, inzibati ərazisinə daxil edilməsi həm əhalinin maraqlarına uyğundur, həm də şəhərin sosial məsələlərinin həllinə kömək edəcəkdir.
Etiraz etməsəniz, mən növbəti məsələləri də müzakirə edim. Bu qəbildən olan məsələlərdir. Növbəti məsələ Zaqatala şəhərinin inzibati ərazisinin genişləndirilməsini nəzərdə tutur. Nəzərdə tutulur ki, 7 ərazi vahidinin sahələri ayrılır və Qazangül qəsəbəsi bütövlükdə Zaqatala şəhərinin ərazisinə daxil edilir.  Bununla əlaqədar Zaqatala şəhərinə əlavə 1070 hektar torpaq sahəsi ayrılır. Dediyim kimi, bu ərazilərin də böyük bir qismi, əslində, Zaqatala şəhərindən idarə olunur. Eyni zamanda, Qazangül qəsəbəsinin ləğv edilməsi ilə əlaqədar nəzərdə tutulur ki, Ərazi Vahidlərinin Dövlət Reyestrindən bu qəsəbənin adı çıxarılsın.
Üçüncü məsələmiz Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik və əlavələr edilməsi ilə bağlıdır. Üç bələdiyyənin adı siyahıda düzgün getməyib, texniki səhvə yol verilib. Bu, Abşeron rayonunun Görədil qəsəbəsidir, “Goradil” yazılıb. Hacıqabul rayonunun Padar qəsəbəsi, “Padar kəndi” yazılıb. Qəbələ rayonunun Zərgərli kəndi “Qarasu kəndi” kimi gedib. Düzəliş də bundan ibarətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Təklif var, səsə qoyulsun.  Arif müəllimin təqdim elədiyi məsələlərdən birincisi Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 17.00 dəq.)
Lehinə                                                                         95
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  1
İştirak edir                                                                    96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.00 dəq.)
Lehinə                                                                         92
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.01 dəq.)
Lehinə                                                                         91
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Hörmətli deputatlar, növbəti məsələ Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İcazə versəydiniz, bu barədə mən məlumat verim. Əvvəla, deyim ki, iyun ayının 3-də hələ birinci oxunuşda bizim komitədə bu məsələ müzakirə olundu, sonradan birinci oxunuşda plenar iclasa çıxarıldı. Birinci oxunuşda qanun layihəsi haqqında, demək olar ki, müsbət fikirlər söylənildi. Təklif olundu ki, ikinci oxunuş üçün qanun layihəsi olduğu kimi verilsin. Amma ikinci oxunuşun plenar iclasına çıxmazdan əvvəl biz komitədə müzakirə edəndə bizim hörmətli deputatların təklifi ilə 4.15-ci maddəyə dəyişiklik edildi. Həmin dəyişikliyin mahiyyəti nədən ibarət idi? Orada göstərilir ki, fövqəladə hallar orqanlarının əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi uçotdan çıxarılaraq, müvafiq icra hakimiyyəti orqanında qeydə alınırlar. Arif müəllim, Sizin iştirakınızla bir yerdə biz qərara gəldik ki, “hərbi xidmətə çağırılmır” sözləri çıxarılsın. Elədirmi? Qalan məsələlərdə isə, demək olar ki, həmrəylik oldu. Əgər etiraz yoxdursa, biz bu qanun layihəsini ikinci oxunuşda səsə qoymalıyıq.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Keçən dəfə də bu qanun layihəsi ilə bağlı sual yox idi. Əsas kimi qəbul edək. Həm ikinci, həm də üçüncü oxunuşda qəbul edək. Xahiş edirəm, əsas kimi qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 17.03 dəq.)
Lehinə                                                                         95
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    95
Nəticə: qəbul edildi

Çox sağ olun, əsas kimi qəbul edildi. Qanun layihəsi 7 fəsildən ibarətdir. Fəsil-fəsil ayrılıqda səsə qoyaq. Xahiş edirəm, I, II, III fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 17.04 dəq.)
Lehinə                                                                         97
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. IV, V, VI, VII fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.04 dəq.)
Lehinə                                                                         99
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi xahiş edirəm, bütövlükdə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.05 dəq.)
Lehinə                                                                         97
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Elə mən də təklif edərdim, bizim həmkarlarımızın da etirazı yoxdursa, üçüncü oxunuşda da səsə qoyaq. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.05 dəq.)
Lehinə                                                                         98
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsi barədədir. Bu da ikinci oxunuşdur. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova Mill Məclisin  İnsan hüquqları komitəsinin  sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Uzun müddət ictimai müzakirəsi aparılan Məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsi bu gün Milli Məclisin iclasında ikinci oxunuşda sizin müzakirənizə verilir. Birinci oxunuşdan keçən müddət ərzində bu qanun layihəsi üzərində xeyli iş aparılmışdır. Hörmətli millət vəkillərinə birinci oxunuş zamanı dedikləri sözlərə görə öz minnətdarlığımı bildirirəm. Çünki deyilən hər bir söz, hər bir tövsiyə, hər bir irad, doğrudan da, qanun layihəsinin daha da mükəmməlləşməsinə, dəqiqləşməsinə kömək etmişdir. Bu baxımdan bu dəfə sizə təqdim olunan sənədi əvvəlki sənədlə müqayisə etsəniz, bu sənəddə nə qədər böyük iş aparıldığının bir daha şahidi ola bilərsiniz.
Bu qanunun qəbul edilməsinin zərurəti haqqında ötən dəfə xeyli danışmışıq. Dünyanın 60-dan çox ölkəsində bu qanunun qəbul edilməsi haqqında fikirlər burada səslənib. Ən əsası odur ki, 2006-cı il dekabr ayının 28-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi haqqında” Milli Fəaliyyət Planının 17-ci maddəsində məişət zorakılığından zərər çəkmiş insanların taleyi, məişət zorakılığına qarşı mübarizənin aparılması, habelə zorakılığın qurbanlarının hüquqlarının müdafiəsi öz əksini tapmışdır. Sözsüz ki, bütün bu sənədlərdə təsbit olunan müddəaların tam reallaşması üçün bu qanunun qəbul edilməsinə böyük ehtiyac var.
Hörmətli həmkarlarıma xatırlatmaq istərdim ki, 4 fəsil, 20 maddədən ibarət olan bu qanun layihəsində, əsasən, məişət zorakılığının hüquqi və sosial aspektləri nəzərdə tutulur. Layihədə zorakılığın növləri ilə bərabər, sosial mühafizə formaları da müəyyən edilir. Bu gün mühafizə formalarının müəyyənləşdirilməsinə çox böyük ehtiyac var. Nəzərinizə bir məqamı da çatdırmaq istərdim. 2009-cu ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatı Cenevrədə ilk dəfə ailədaxili münaqişələrin qadın və uşaqların sağlamlığına təsiri ilə əlaqədar keçirdiyi qlobal tədqiqatı təqdim etdi. Həmin qlobal tədqiqat ayrı-ayrı ölkələrdə aparılmışdır. Dünyanın müxtəlif yerlərində qadınların ailədaxili münaqişə zamanı aldıqları  xəsarət, intihar halları və digər məqamlar burada əksini tapmışdır. Konfransda qeyd olundu ki, qadınlar küçədə və ictimai yerlərdə yox, daha çox evdə və ailədə təhlükəyə məruz qalırlar. Qanun layihəsinin əsas yükü də belə halların qarşısını almaq üçün vacib olan qabaqlayıcı vasitələrin formalaşmasına zəmin yaratmaqdan ibarətdir.
Müzakirə etdiyimiz layihə cinayət-prosessual qanunvericiliyini əvəz etmir, ilk növbədə, əsas qabaqlayıcı və sosial bərpaedici tədbirləri əhatə edir. Daha konkret desək, qanunun əhatə dairəsi ailədaxili münaqişələri aradan qaldırmaqdan ibarətdir. Sosial birliyin ən qədim forması olan ailə dövlətdən də, millətdən də daha qədimdir. Ailə insanın ən rahat sığınacaq hesab etdiyi bir məkandır. “Mənim evim mənim qalamdır” fikri təsadüfən yaranmamışdır. Çox təəssüf ki, bu gün bütün dünyada milyonlarla insan üçün ailə heç də ahəngdarlıq və rahatlıq ünvanı deyil, zorakılığın çeşidli formalarının baş verdiyi təhlükə mənbəyidir. Məsələn, bir statistik məlumatı deyim. Bu gün dünyada zorakılıq üzündən 1200 qadın ölür, 2 milyona qədər qadın yaralanır. Bu da başqaları tərəfindən deyil, məhz onun yaxınları və qohumları tərəfindən həyata keçirilir.
Mən Azərbaycanla bağlı statistik məlumatları açıqlamayacağam. Bu haqda keçən dəfə danışmışdıq. Ona görə də bu qanunda əksini tapan müddəaların vacibliyini bir daha xüsusi qeyd etmək istərdim. Mən söylədim ki, qanun layihəsində əhəmiyyətli dəyişikliklər olub. Dəyişikliklər nədən ibarətdir? Əgər yadınızdadırsa, ötən dəfə hörmətli həmkarlarım 1-ci maddənin, yəni “Əsas anlayışlar” maddəsinin yükünün  ağırlığını qeyd etdilər. Yəni hər bir bənd çox böyük bir yükə malik idi və çox  yayğın idi. İstər məişət zorakılığı, istərsə də məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı müddəaların hər birinin konkretləşdirilməsi tələbi irəli sürüldü. Bunlar yerinə yetirildi. “Əsas anlayışlar” maddəsi əvvəlki yükdən azad edildi. Bu gün sizə təqdim olunan sənəddə, deyərdim ki, digər ölkələrin sənədləri ilə müqayisədə ən optimal variant tapılmışdır.
Burada maraqlı cəhətlərdən biri də 3-cü maddə ilə bağlıdır. Xahiş edirəm, bir məqama diqqətlə baxasınız. Söhbət məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplərdən gedir. Bu məsələ hörmətli millət vəkillərinin çoxunun iradına səbəb olmuşdu. Söhbət nədən gedir?  3.0.2-ci maddədə qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi məsələsi var idi. Həmkarlarımız nəyə görə qadınlara əlahiddə səlahiyyətlərin verilməsi və burada qadınlara qarşı ayrı-seçkiliyin ön plana çəkilməsi məsələsini irəli sürürdülər. Bilirsiniz, bu qanunun  özünəməxsusluğu, orijinallığı var. Bu qanun ailə daxilində  olan bütün insanları əhatə edir. Burada kişi də, qadın da,  uşaq da, nənə də, baba da ola bilər. Yəni ailə mühitinə daxil olan hər bir kəsin müdafiəsinə xüsusi önəm verilir.
Bu qanunun bir fəlsəfəsi var. Bu, 1995-ci ildə Pekin konfransında xüsusi qeyd olunmuş bir məsələdir. Belə ki, bəşəriyyətin böyük hissəsinin qadın olmasına baxmayaraq, ən çox zorakılığa,  təqibə, təzyiqə məruz qalan da qadınlardır. Bu məqamı xüsusi qeyd etməklə, biz insanların,  cəmiyyətin diqqətini ona yönəldirik ki, bəlkə də zərif və zəif məxluq olan  qadının hüquqlarının qorunmasına xüsusi ehtiyac var. Qadınların güclü olmasının böyük önəmi var. Ancaq, gəlin, belə deyək, hər ailədə biz o cür güclü qadına rast gəlmirik. Öz xilasını başqasında görən insanın bəlkə də  əyilməyi, yıxılmağı elə ondan başlayır. Onun taleyi bir başqasından asılı olur və bu asılılıqdan istifadə edərək onu əzirlər,  məhv edirlər, təhqir edirlər, şəxsiyyətini, şərəf və ləyaqətini alçaldırlar. Bax, bu olmasın deyə, biz həmin müddəanın burada qalmasına xüsusi önəm veririk.
Hörmətli həmkarım Fəzail Ağamalı söyləyirdi ki, yaxşı, siz burada yalnız qadınlara qarşı ayrı-seçkiliyi qadağan edirsiniz, bəs kişilərə qarşı ayrı-seçkilik olarsa necə? Mən bir daha təkrar edirəm, onlar orada öz əksini tapıb. Yəni bu qanunun əhatə dairəsində o da var. Amma, gəlin, razılaşaq, statistika göstərir ki, əzilənlərin 88 faizi qadın,  yalnız 12 faiz,  kişidir. Yaqub müəllim çox gözəl bir söz söylədi. Onu da qeyd etmək lazımdır. Bu məqamın burada olmasına böyük ehtiyac var. Bir daha təkrar edirəm, 1995-ci ilin Pekin platformasından bütün üzv dövlətlərə bu qanunun qəbul edilməsi tövsiyə edilərkən, qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələsi sütun müddəa kimi tövsiyə olunmuşdur.
Bir məqamı da qeyd etmək istərdim. Bu, ailənin işinə dövlətin müdaxiləsi ilə əlaqədar olan məsələdir. Hörmətli həmkarlarım da bu məsələyə xüsusi önəm verdilər və söylədilər  ki, ailənin daxili proseslərinə, daxili münasibətlərinə dövlətin müdaxilə etməsinə ehtiyac yoxdur. Ancaq başqa bir məsələ də var. Azərbaycan Respublikasının Konstitusiyasında konkret yazılıb ki, ailə və nikah dövlətin himayəsindədir. Belə olan surətdə, sözsüz ki, dövlət ailədaxili münasibətlərə də nəzarət edir və bu nəzarətdən kənara çıxmaq olmaz.
Bir çoxlarını, o cümlədən mənim özümü də narahat edən məsələ 4.0.4-cü maddədə qeyd olunan qeyri-rəsmi nikahda birgə yaşayan şəxslərlə bağlıdır. Hörmətli həmkarlarımın bu müddəanın dəyişdirilməsi ilə əlaqədar dedikləri ilə də razıyam. Hüquqi dövlət bu nikah formasını tanıyır, dini nikah isə qanuni qeydiyyata düşmüş nikahdan sonra qüvvəyə minir. Bu baxımdan “vətəndaş nikahı” sözünü gündəmə gətirərək ona status veririk, ona  hüquqi don geydiririk. Əgər “qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumlarına” ifadəsini burada saxlayacayıqsa, deməli, “qeyri-rəsmi nikah” ifadəsi özlüyündə aradan qalxır. Düzdür, bu kateqoriyadan olan şəxslər BMT tərəfindən tövsiyə edilən model qanunun subyekti olduğuna görə biz bunu qanundan tamam çıxara bilməzdik. Gerçəklikdə bu da var və Birləşmiş Millətlər Təşkilatı da bunların qanunda əks olunmasını tövsiyə edir. Ancaq yalnız bu variantda, yəni “qanuni nikahda olmadan birgə yaşayan” ifadəs qanun layihəsində öz əksini tapıb.
Qanunun II fəslində, yəni 5–12-ci maddələrdə məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması məsələsi, bu zəmində törədilmiş cinayətlər üzrə cinayət təqibini həyata keçirən dövlət orqanlarının vəzifələri, mühafizə orderinin xüsusiyyətləri və verilməsi formaları əks olunub.
Bir məqamı da qeyd edim. Mənim üçün çox xoşdur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, o cümlədən qadın hüquqlarını qoruyan hüquq müdafiəçiləri layihəyə münasibətlərini bildirmişlər və bizim saytımıza çoxlu sayda məktublar daxil olmuşdur. Bu bir daha onu göstərir ki, bu gün Azərbaycan ictimaiyyəti Milli Məclisdə müzakirə olunan qanunların taleyi ilə çox maraqlanır, problemə olan münasibətlərini bildirirlər və öz təkliflərini verirlər. Bu təkliflər içərisindən qəbul etdiyimiz məqamlar da var. Yəni bu, Milli Məclisin iki komitəsinin qeyri-hökumət təşkilatları ilə olan əlaqəsinin bariz nümunəsidir. Bununla əlaqədar bir sıra maddələrdə etdiyimiz dəyişikliklərdə həmin fikirlərdən istifadə etmişik.
Hörmətli millət vəkilləri, qanun layihəsində vacib məqamlardan biri yardım mərkəzlərinin yaradılmasıdır. Yardım mərkəzləri dünyanın bir çox yerlərində var və müxtəlif adda fəaliyyət göstərirlər. Məsələn, Kanadada  70-ə qədər yardım mərkəzi var. Bu yardım mərkəzlərinin bəziləri dövlət tərəfindən, digərləri ayrı-ayrı fərdlər tərəfindən maliyyələşdirilir. Bütün bunları nəzərə alaraq, biz layihəyə yardım mərkəzləri ilə bağlı ayrıca maddə daxil etmişik. Yardım mərkəzləri yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları tərəfindən yaradıla bilər. Həmçinin fiziki şəxslərin mənzillərindən xeyriyyəçilik əsasında yardım mərkəzi kimi istifadə oluna bilər. Bu çox vacib bir məqamdır. Yəni “yardım mərkəzi” ifadəsi bəzən insanlarda qorxu yaradır, şübhə doğurur. Cəmiyyətin bu mərkəzlərlə bağlı konkret fikri, münasibəti formalaşmağına görə məhz xeyriyyəçilik əsasında fiziki şəxslərin evlərindən istifadə edilməsi, zənnimcə, daha yaxşı olardı.
Hörmətli millət vəkillərini maraqlandıran bir məqam da var idi. Tutalım, yardım mərkəzlərinə gələn insanlar var. Bunlar iki ay müddətinədək burada yaşayır, yaxud yetkinlik yaşına çatmayan insanlar  3 ay müddətinə qədər burada qalırlar. Bəs onların gələcək taleyi necə olur? Məhz onların sonrakı taleyi ilə əlaqədar digər qanunlar fəaliyyətə başlayır. Yəni iki ay ərzində onun geri qayıtmaq ehtimalı da, boşanmaq ehtimalı da var. Yəni bu prosesi tənzimləyən digər qanunlar var. Söhbət ondan gedir ki, biz bu qanunda, əsasən, həm ailə münasibətlərinin qorunmasını, həm də zorakılıqdan əziyyət çəkmiş insanların sosial müdafiəsini ön plana çəkirik. Biz bu institutun dağılmasını istəmirik. Biz cəmiyyət daxilindəki münasibətin saflaşmasını, “zorakılıq” ifadəsinin dilimizdən uzaqlaşdırılmasını istəyirik.
Özünün üstünlüyünü təzyiqlə, başqasını alçaltmaqla sübut etməyə çalışan insanların vicdanının qapısını döymək istəyirik. Onlar anlamalıdırlar ki, öz ailəsində, öz uşaqlarının yanında başqasını alçaltmaq sonradan bumeranq kimi onun özünə qayıdacaq və çox ağır vəziyyətlə qurtaracaq.
Hörmətli millət vəkilləri, bu qanunun müddəaları ilə hər biriniz çox yaxından tanışsınız. Heç kəs zorakılıqla rastlaşmaq istəmir, heç kəs zorakılığın qurbanı olmaq istəmir. Bundan alçaldıcı bir şey yoxdur. Nə zorakılığın qurbanı olaq, nə də zorakılığı törədən gərəksiz bir insan. Çox istərdim ki, millət vəkilləri bu dəyişikliklərlə birlikdə qanun layihəsinə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələyə iki komitədə baxılmışdır. Əli müəllim, Sizin komitədə də baxılıb. Qısaca, xahiş edirəm. Bilirəm, bu gün çox yorulmusunuz, çox qanun layihəsi təqdim etmisiniz.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Birincisi, Rəbiyyət xanıma təşəkkür edirəm ki, bizim ümumi nəticəyə gəldiyimiz fikirləri parlamentin diqqətinə çatdırdı. Oqtay müəllim, bu qanunun parlamentin müzakirəsinə çıxarılması ilk növbədə onu nümayiş etdirdi ki, millət vəkilləri, həmişə olduğu kimi, ictimai fikrin önündədirlər. Belə demək mümkündürsə, onlar əhalinin ayrı-ayrı qruplarının yox, dövlətimizin,  siyasətimizin maraqlarının müdafiəsindədirlər.
Əlbəttə, hamımızı narahat edən məsələlər bundan ibarət idi ki, qanunvericiliyimizə gələn bu yeni müddəalar, onların bir Qərb təcrübəsi ilə, bizim milli-mənəvi dəyərlərlə nə dərəcədə eynilik təşkil edir. Tam məsuliyyətlə demək istəyirəm ki, ikinci oxunuş zamanı həm ATƏT-in ekspertləri ilə, həm yerli ekspertlərlə, həm də qeyri-hökumət təşkilatları ilə aparılan müzakirələr nəticəsində kompromis variantlar tapılıb. Bunlar barədə Rəbiyyət xanım geniş məlumat verdi. Misal üçün, 4.0.4-cü maddədə “qanuni nikahda olmayan” anlayışı var. Təəssüf ki, artıq təcrübədə də bu öz əksini tapıb. Amma biz müzakirələrdə nə üçün “qanuni nikahda olmayan” anlayışını təklif etdik? Çünki qeyri-rəsmi nikah, təəssüf ki,  mövcuddur.  Amma qanunun mənası ondan ibarətdir ki, əgər bu cür  hallarda zorakılığa məruz qalan varsa, onun qarşısı alınsın. Amma biz hesab edirik ki, belə bir anlayış gənclərimiz üçün xoşagəlməyən bir  mesaj vermiş olur. Yəni bizim gənclərimiz, vətəndaşlarımız Azərbaycan qanunvericiliyinə uyğun olaraq, ailə-nikah münasibətləri qurmalıdırlar. Ona görə də hesab edirəm ki, işçi qrupu çox uğurlu ifadə seçib. “Qanuni nikahda olmayan” anlayışı ictimai fikirdə də öz əksini bu cür tapmalıdır. Mən hesab edirəm ki, bu çox  uğurlu bir kompromisdir və millət vəkilləri bunu dəstəkləyə bilərlər.
İkincisi, yardım mərkəzləri ilə bağlı çox ciddi müzakirələr olmuşdur. Rəbiyyət xanım bu məsələni söylədi. Hesab edirəm ki, çox düzgün olaraq, hər halda indiki mərhələdə dövlətin üzərinə maliyyə baxımından yük qoyulmur. Qeyri-hökumət təşkilatları, yerli idarəetmə orqanları bu barədə təkliflər verə bilərlər və bu məsələni həll edə bilərlər.
Nəhayət,  bəzən bizə elə gəlir ki, ayrı-ayrı anlayışlar xüsusi olaraq bu qanuna salınıb. Misal üçün, 3.0.2-ci maddədə qadınlara qarşı ayrı-seçkilikdən söhbət gedir. Amma xatırlatmaq istəyirəm ki, parlament artıq bu qəbildən bir neçə konvensiyaya qoşulub. Qadınlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, əslində, artıq bizim milli hüquq sistemimizin tərkib hissəsidir. Bu anlayış var və biz konvensiyalara qoşulmuşuq. Bizim qanunvericiliyimizdə də bu məqam var.
Cənab Sədr, hesab edirəm ki, indiki mərhələdə ikinci oxunuşla bağlı prinsipial  mübahisələri həll etmişik. Əlbəttə, millət vəkillərinin də fikirləri, tövsiyələri olacaq. Amma hesab edirəm ki, qanun layihəsi üçüncü oxunuşa  hazır vəziyyətdədir və biz bu qanunu üçüncü oxunuşdan keçirə bilərik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinin ikinci oxunuşudur. Ona görə xahiş edirəm, əvvəl əsas kimi qəbul edək. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr                        (saat 17.24 dəq.)
Lehinə                                                                         96
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Suallar var. Aydın Həsənov, buyurun.
A.Həsənov. Bu məsələyə işçi qrupunda baxılıb, geniş müzakirə olunub. Mənə elə gəlir ki, geniş müzakirəyə ehtiyac yoxdur. Xahiş edirəm, səsə qoyaq, bu məsələni qurtaraq.
Sədrlik edən. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Əslində, mənim də təklifim belədir. Bu qanun layihəsi bizim komitədə və İnsan hüquqları komitəsində iki dəfə müzakirə olunub, dəfələrlə ictimai müzakirələr  keçirilib. Birinci oxunuşdan sonra layihə üzərində hüquqi baxımdan cilalanma,  səliqə-sahman işləri aparılıb. Əslində, hörmətli Əli müəllimin və Rəbiyyət xanımın təqdimatlarından da bu göründü. Mən də düşünürəm ki, layihə üçüncü oxunuşa hazırdır. Əgər mümkünsə, icazənizlə, üçüncü oxunuş üçün də səsə qoyardıq.
Sədrlik edən. Nəsib Nəsibli. Sualı olanlar varsa, suallarını versinlər.
N.Nəsibli. Möhtərəm Sədr, kiçik bir sualım var. Deyildi ki, “qanuni nikahda olmayan” ifadəsi daha məqbuldur. Məncə, onun bir alternativi var. Çünki qanuni nikahda olmamaq qanunu pozmağı, qeyri-qanuni olmağı ehtiva edir. Ondansa, “rəsmi nikahda olmayan” doğru olmazmı?
Sədrlik edən. Bu, köhnə variantda belə gedirdi? Burada fərq yoxdur. Etiraz eləmirəm. İndi hörmətli millət vəkilləri, təkid edənlər var. Xahiş edirəm, bir dəqiqə sakit olun. Azay Quliyev, onsuz da qeyri-hökumət təşkilatları bu məsələ ilə məşğuldurlar. Çıxış eləmək istəyirsən?  İlyas İsmayılov buyursun.  
İ.İsmayılov. Mənim iki maddəyə təklifim var. Hesab edirəm ki, bu da düzəldilməlidir. Birincisi, 5.1-ci maddədə yazılır ki, məişət zorakılığı ilə bağlı şikayətlərə qanunvericiliklə müəyyən edilmiş hallarda və səlahiyyətlər daxilində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və məhkəmə orqanları tərəfindən baxılır. Cinayət-Prosessual Məcəlləsinin 215-ci maddəsi var. Cinsi zorakılıqla əlaqədar işlərə bir çox hallarda prokurorluq baxır. Bunlar zorlama cinayətinin istintaqıdır və başqa cinayətlərin istintaqıdır. Ona görə də burada yazılmalıdır ki, icra hakimiyyəti, prokuror və məhkəmə orqanları tərəfindən baxılır. Bu əlavə olunmalıdır. İkincisi, məişət zorakılığı barədə şikayətlərin araşdırılması üçün kimlərin şikayət verə bilməsi sadalanır. Mən hesab edirəm ki, 6.1.1-ci maddədə “zərər çəkmiş şəxsin özünün və ya onun vəkilinin” yazılmalıdır. “Vəkil” sözü mütləq əlavə olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Vaxtın darlığını nəzərə alaraq, uzun danışmayacağam. Təklifim qanunun adı ilə bağlıdır. Oqtay müəllim, məlumdur ki, Azərbaycan ailələrinin  böyük əksəriyyətinə bu  qanunun dəxli yoxdur və bu qanun o ailələrdə heç vaxt işlənməyəcək, tətbiq olunmayacaqdır. Azərbaycanda ailə institutu çox möhkəm institutdur.  Ona görə də təklif edirəm ki, qanunun adı bu şəkildə getsin: “Sosial təhlükəli ailələrdə məişət zorakılığının qarşısının alınması haqqında”. Oqtay müəllim, bu termin var. Biz qanun da qəbul etmişik. Sadəcə, sosial təhlükəli ailələrdə məişət zorakılığının qarşısının alınması məsələs normal ailələrə şamil olunmasın. Normal ailələr də bu qanunun qəbul olunmasını özünə təhqir hesab etməsinlər. Ona görə mən xahiş edirəm, “sosial təhlükəli ailə” anlayışını burada verək və qanunun adı bu şəkildə getsin. Qalan  məsələlər kifayət qədər yaxşı işlənib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa müəllim, mən hesab edirəm ki, bu, beynəlxalq bir termindir, biz də beynəlxalq təşkilatlarla işləyirik. Sizdə belə bir araşdırma aparılıbmı? Fəzail müəllim, incimə, dedik, iki nəfər çıxış etsin. Bir dəqiqə, buyurun, Fəzail müəllim.
F.Ağamalı. Təbii ki, mən də bu qanunun tərəfdarıyam və  müzakirələrdə fəal iştirak etmişəm. 4.0.4-cü maddə ilə bağlı mən komitənin yığıncağında təklif etdim ki, “yaxın qohumlarına” sözlərindən sonra “digər şəxslərə” sözləri də əlavə olunsun. Nə üçün? Çünki bu və ya digər səbəb ucbatından  ailələrə başqa insanlar da cəlb olunurlar. Küçədə bir uşağa rast gəlirlər, gətirib evdə onu saxlayırlar, yaxud hansısa qadını ev işlərinə cəlb edirlər. Altı  ay,  bir il, iki il, üç il sonra onun hüquqları həmin ailədə pozulur. Yəni bu insanların taleyi də burada əks olunmalıdır. Çünki bu və ya digər ailədə ər-arvadla bərabər, uşaqlarla bərabər, qohumlarla bərabər başqa insanlar da yaşayırlar. Ona görə mən keçən dəfə komitənin yığıncağında xahiş etdim ki, mümkün olsa, həmin şəxsləri də bura əlavə edək.
İkinci məqam. Əlbəttə, söhbət, Musa müəllimin dediyi kimi, anormal ailədən gedir. Qadınlarla bərabər məişət zorakılığına məruz qalan  kateqoriyalardan biri də uşaqlardır. Ona görə də burada uşaqların da hüquqlarının qorunması ilə bağlı fikirlər deyilməlidir. Çünki qadın təkcə ərin zorakılığına məruz qalırsa,  yaxud nadir hallarda kişi qadının psixoloji təzyiqinə məruz qalırsa,  anormal ailələrdə uşaq həm ata tərəfindən döyülür, həm də ana tərəfindən təzyiqə məruz qalır. Uşaqların hüquqlarının daha ciddi şəkildə qorunması bu qanunda ifadə olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Fəzail müəllim, burada uşaqların da, kişilərin də, qadınların da hüquqları müdafiə olunur. Onda gəlin, çıxışları davam etdirək. Buyurun, Gülər xanım.
G.Əhmədova. Təşəkkür edirəm, Oqtay müəllim.  Oqtay müəllim, mən ona görə təkid edirdim ki, Sizin təşəbbüsünüzlə yaradılmış Avropa Şurası ilə birgə qrupumuz var. Uşaq hüquqları üzrə müdafiə qrupu. Bu yaxınlarda xanım Mod de Bur-Bukikkio Bakıya gəlmişdi və biz onunla burada görüşdük. O bizim bu qanuna müraciət eləməyimiz çox yüksək qiymətləndirdi. Amma burada bəzi məqamlar var. Mən çox istərdim ki, biz bu qanuna həmin məqamları əlavə edək. Çünki biz Azərbaycan Respublikası olaraq, Uşaqlara qarşı seksual hərəkətlər və seksual cinayətkarlıqla bağlı beynəlxalq konvensiyanı artıq ratifikasiya eləmişik. Daha doğrusu, imzalamışıq, hələ ratifikasiya eləməmişik. Yəqin ki, ratifikasiyaya göndəriləcək.
Ən əsas məqamlardan biri ondan ibarətdir ki, qəbul olunan qanunlarda uşaqlara qarşı seksual hərəkətlər məsələsi varsa, biz onu xüsusi qeyd etməliyik. Ona görə qanunun üzərində işləyən insanlardan xahiş edərdim  ki, burada 1.0.6-cı maddədə məişət zəminində cinsi zorakılıq baş verdikdə uşaq məsələsi nəzərdə tutulsun.
Bundan əlavə, daha bir məqam var. O da çox vacib məqamlardan biridir. Çünki biz uşaq hüquqları ilə bağlı məhkəmələrin, demək olar ki, 70-80 faizində iştirak edirik. Ən ağrılı yerimiz məişət zəminində ailə üzvləri tərəfindən uşaqlara qarşı cinsi zorakılıq törədilməsidir. Bu zaman  qapalı keçən həmin məhkəmələrdə psixoloqlar iştirak eləmək istəmirlər. Bu da ona gətirib çıxarır ki, 12 yaşında bir qıza və yaxud oğlana qarşı seksual hərəkət olursa, həmin məhkəmə illərlə davam edir. Bəzən məhkəmə iki il, üç il çəkə bilir. Ona görə qanun üzərində işləyən  həmkarlarımızdan xahişim bundan ibarətdir ki, 7.0-cı maddədə məcburi psixoloq köməyi ilə bağlı məsələni də nəzərə alsınlar.
Başqa bir məsələni də demək istəyirəm. Keçən dəfə də bu məsələni demişdim. 13-cü maddədə sığınacaqlarla bağlı konkret tədbirləri göstərmişik. Mən keçən dəfə də bu fikri dedim. Bu fikir hətta Avropanın müxtəlif ölkələrində belə artıq öz yerini tapıb. Bir çox ölkələrdə də bu məsələyə bu cür baxış var. Əgər ailədə məişət zorakılığı baş veribsə, bu zorakılıq qadına və onun yanında olan yetkinlik yaşına çatmamış uşağa qarşı olubsa, onu təzədən sığınacağa aparmaq və yenidən onun üçün psixoloji problemlər yaşatmaq nə dərəcədə doğrudur? Ona görə xahiş edirəm ki,  13-cü maddədə müvəqqəti sığınacağa aparılmaq məsələsi təkcə qurbana aid olmasın. Bu hallar nəzərə alınmaqla yanaşı, həmin zorakılığı göstərən şəxsin özü ailədən, həmin evdən bir müddət, yəni mühafizə orderində göstərilən müddətdə kənarlaşdırılsın. Mühafizə orderi ilə bağlı məsələlər 10.1-ci maddədə göstərilib. Mənə belə gəlir ki, məntiqi baxımdan doğru olardı ki, biz 10.1-ci maddə ilə 10.1.2-ci maddənin yerini dəyişək. Yəni 10.1.4-cü maddədən  başlayaq, sonuncunu əvvələ gətirək. Çünki zorakılığın təkrar törədilməsi sonuncu məsələdir. Zorakılığın təkrar törədilməsinə qədər narahatlıq gətirən hərəkətlərin görülməsi, şübhəsiz, birinci olmalıdır. Çox təşəkkür edirəm.
İnanıram ki, həm konvensiya ilə bağlı, həm də Mehriban xanım başda olmaqla, bizim işçi qrupumuzun gördüyü işlərlə bağlı bayaq qeyd elədiyim məsələlər burada əksini tapacaq. İnanıram ki, uşaqlara qarşı seksual hərəkətlər baş verərsə, bunu xüsusi qeyd edəcəyik.
Bir misal da göstərmək istəyirəm. Bildiyimizə görə bu gün Avropada  uşaqlara qarşı cinsi zorakılıq edən şəxslərin, insanların orqanlarının, ümumiyyətlə, tibbi yolla götürülməsi məsələsi qoyulmuşdur. Yəni dünyada bu çox ciddi məsələdir və səhv eləmirəmsə, ATƏT-in bu yaxınlarda keçiriləcək tədbirlərinin birində də bu məsələ qoyulacaq. Ona görə istərdim ki, biz də bu məsələni öz qanunumuzda ciddiləşdirək. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, 1 dəqiqə deyib, 5 dəqiqə danışdınız. Bu bir. Siz Konvensiya haqqında danışdınız. Əgər bu Konvensiya Milli Məclis tərəfindən ratifikasiya olunacaqsa, bizdəki qanunlardan irəlidə işləyəcək. Ona görə bunu qanuna salmağın heç bir mənası yoxdur.
Mən hesab edirəm ki, artıq bu qanunun müzakirəsini davam etdirmək lazım deyil. Qanun 4 fəsildən ibarətdir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Birinci və ikinci fəslə münasibət bildirin.

Səsvermənin nəticələr                        (saat 17.37 dəq.)
Lehinə                                                                         94
Əleyhinə                                                                       0
Bitərəf                                                                          1
Səs verməd                                                                  0
İştirak edir                                                                    95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü və dördüncü fəslə münasibət bildirin. 

Səsvermənin nəticələr                        (saat 17.37 dəq.)
Lehinə                                                                         91
Əleyhinə                                                                       Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    91
Nəticə: qəbul edildi

Çox sağ olun. Bütövlükdə qanun layihəsinə  ikinci oxunuşda münasibət bildirin.

Səsvermənin nəticələr                        (saat 17.38 dəq.)
Lehinə                                                                         89
Əleyhinə                                                                       0
Bitərəf                                                                          1
Səs verməd                                                                  2
İştirak edir                                                                    92
Nəticə: qəbul edildi

Çox sağ olun, ikinci oxunuşda qəbul olundu.
Bizim millət vəkillərinin təklifləri oldu. Əli müəllim, Rəbiyyət xanım,  xahiş edirəm, komitələrdə bir də həmin dəyişikliklərə fikir verin.  Gülər xanım, çıxış elədiniz. Mən də tapşırdım, baxsınlar. Xahiş edirəm, üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr                        (saat 17.39 dəq.)
Lehinə                                                                         90
Əleyhinə                                                                       1
Bitərəf                                                                          0
Səs verməd                                                                  1
İştirak edir                                                                    92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, növbədənkənar sessiyamızın gündəliyinin sonuncu məsələsi İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad Səmədzadə buyursun. Xahiş edirəm, bir az konkret.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə ona verilmiş qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək, İnvestisiya fondları haqqında yeni qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Hazırda qüvvədə olan “nvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu il noyabrın 30-da  qəbul edilmişdir. Ölkədə qiymətli kağızlar bazarının və bu sahəni tənzimləyən orqanın formalaşması proseslərinin başlanğıc mərhələsində hazırlanmış bu qanun investisiya fondlarının təşkili və fəaliyyəti üçün adekvat hüquqi çərçivəni təmin etmir.
Ötən dövr ərzində ölkə ərazisində hər hansı bir investisiya fondunun yaradılmamasının səbəblərindən biri də məhz qanunvericilikdəki boşluqların olmasıdır. Milli Məclisin İqtisadi siyasət komitəsində bu qanun layihəsi ətraflı müzakirə olundu və qeyd edildi ki, son illər qlobal maliyyə bazarlarında baş vermiş böhranlarla əlaqədar yeni baxışlar formalaşmış, beynəlxalq təcrübədə investisiya fondlarının fəaliyyətinin tənzimlənməsi mexanizmlərində müəyyən dəyişikliklər edilmiş, amma onlar qüvvədə olan qanunda əks olunmamışdır.
Qeyd olunanları nəzərə alaraq, investisiya fondlarının təşkili və fəaliyyətinə dair qanunvericiliyin təkmilləşməsi məqsədilə “İnvestisiya fondları haqqında” Qanunun yeni redaksiyası hazırlanmışdır. Təqdim edilən qanun layihəsi qüvvədə olan qanunla müqayisədə bir sıra köklü fərqlərə malik olmaqla, tənzimləmə sahəsində mühüm dəyişiklikləri nəzərdə tutmuşdur. Belə ki, qanun layihəsində investisiya fondlarının müxtəlif formalarda təsis edilməsi nəzərdə tutulur. Qanun layihəsində investisiya fondlarının formaları II və III fəsillərdə öz əksini tapmışdır. Layihədə müxtəlif formalı investisiya fondlarının təşkili ilə əlaqədar lisenziyalaşdırma qaydaları müəyyən edilmişdir. Müxtəlif formalı investisiya fondlarının təşkili ilə əlaqədar lisenziyalaşdırılma qaydaları bütövlükdə VIII fəsli, yəni 34-43-cü maddələri əhatə edir.
Hazırda səhmdar investisiya fondlarının və idarəçilərin lisenziyalaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq verilməsi üçün tələb olunan Əlavə Şərtlər”lə tənzimlənir. Bu qaydalar investisiya fondlarının fəaliyyətinin xüsusiyyətlərini nəzərə almır və digər lisenziyalaşdırılan fəaliyyət növləri üçün müəyyən edilmiş baza prinsiplərinə əsaslanır. Halbuki maliyyə xidmətləri göstərən qurumların lisenziyalaşdırılmasında ümumi xarakterli tələb və normaların tətbiqi ictimai fondlara çıxış imkanlarına malik olan bu təsisatların fəaliyyətinə effektiv nəzarəti təmin etmir və sistem riskləri yaradır.
Buna görə də beynəlxalq təcrübədə banklar və sığorta şirkətlərində olduğu kimi, investisiya fondlarının da lisenziyalaşdırılmasına dair xüsusi prosedurlar müəyyən edilir. Bunları nəzərə alaraq, layihədə səhmdar investisiya fondlarının və aktivlərin idarə edilməsi fəaliyyətinin lisenziyalaşdırılmasının spesifik qaydaları müəyyən edilmişdir. Layihədə investisiya fondlarının fəaliyyəti ilə əlaqədar daha dəqiq və mütərəqqi nəzarət mexanizmləri müəyyən edilmişdir. Qanun layihəsində investisiya fondlarının yenidən təşkili, ləğvi və müflis elan edilməsi ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir. İnvestisiya fondunun yenidən təşkili, ləğvi və müflis elan edilməsi IX fəsli əhatə edir.
Nəhayət, hazırda qüvvədə olan qanunla müqayisədə təqdim olunan qanun layihəsi qanunvericilik texnikası baxımından təkmilləşdirilmiş və ötən müddət ərzində mülki qanunvericilikdə baş vermiş yeniliklərə, habelə normativ hüquqi aktlara dair mövcud tələblərə uyğun işlənmişdir. Mən qanun layihəsinin ayrı-ayrı maddələri haqqında danışmaq istəmirəm. Millət vəkilləri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri hörmətli Rüfət Aslanlı və digər mütəxəssislər qanun layihəsini birinci oxunuşda  Milli Məclisə təqdim etməyi məsləhət gördülər. Eyni zamanda, məsləhət gördülər ki, bəzi maddələrdə, “İnvestisiya fondlarının fəaliyyətinin xüsusilə tənzimlənməsi və nəzarəti” bölməsində yekun maddələrdə bir sıra dəyişikliklər edilməlidir.
Hesab edirik ki,  Azərbaycanda yeni iqtisadi sistemin formalaşması ilə əlaqədar olaraq çoxsaylı qanunlar qəbul edilmiş, artıq təkmil iqtisadi qanunvericilik forması və iqtisadi qanunvericilik sistemi formalaşmışdır. Belə bir qanunun qəbulu, şübhəsiz, gələcəkdə Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinin inkişafına, investisiya fəaliyyətinin canlanmasına müsbət təsir edəcəkdir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, vaxt qısa da olsa, birinci oxunuşda bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Çıxışa yazılanlardan təkid edən yoxdur ki? Aydın müəllim, təkid edirsən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 17.46 dəq.)
Lehinə                                                                         99
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs verməd                                                                  0
İştirak edir                                                                    99
Nəticə: qəbul edildi

Çox sağ olun, hörmətli millət vəkilləri. Bu gün çox səmərəli işlədik. Bilirəm, növbədənkənar sessiya bir az hamını yorub. Qarşıda sizə gözəl istirahətlər arzulayıram.
Bildiyiniz kimi, qarşıdan seçkilər gəlir. Seçkilərdə iştirak edəcək bütün həmkarlarıma uğurlar, müvəffəqiyyət arzulayıram. Növbədənkənar sessiyanı bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Sağ olun. Hamınıza yaxşı istirahətlər!

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU