30.09.2010 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XVI SESSİYASI İCLASININ
 
PROTOKOLU № 147

Milli Məclisin iclas salonu.
30 sentyabr 2010-cu il. Saat 12.

Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir


İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında. 2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu barədə (ikinci səsvermə).
3. “Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 12. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Hökuməti və Finlandiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 18. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Auditor xidməti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
25. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).


İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair” Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Hökuməti və Finlandiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
22. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Auditor xidməti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
24. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
27. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
28. “Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
29. “Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
30. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
32. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                  O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

30 sentyabr 2010-cu il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Hörmətli deputatlar! Milli Məclisin 2010-cu il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm və işimizə səmərə, uğur arzulayıram.
Hörmətli millət vəkilləri, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan Respublikasını son 5 ildə dünyanın ən sürətli və dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Bu bizim hamımızın uğurudur. Mən çox şadam ki, Milli Məclisin də bu quruculuq işlərində öz rolu olmuşdur. Biz öz işimizlə, fəaliyyətimizlə Prezidentin strateji inkişaf xəttini dəstəkləməyə çalışmışıq.
Hörmətli deputatlar, bildiyiniz kimi, üçüncü çağırış Milli Məclis bu günə qədər 10058 qanun və qərar qəbul etmişdir. Bu dövr ərzində Azərbaycan parlamentinin beynəlxalq uğurları da çox olmuşdur. Artıq Azərbaycan parlamentinin beynəlxalq imici formalaşmışdır. Bu imici formalaşdıran sizlər olmusunuz. Siz beynəlxalq təşkilatlarda Azərbaycan parlamentini layiqli təmsil etməklə buna nail olmusunuz.
Azərbaycan parlamentinin nümayəndə heyətləri dünyanın 70 ölkəsinə 820-yə yaxın səfər etmişdir. Dünyanın 60 ölkəsindən Azərbaycana 600-dən yuxarı rəsmi nümayəndə heyəti dəvət olunmuşdur. Bunların hamısı bizim səylərimizin nəticəsidir. Biz Azərbaycan xalqını, Azərbaycan parlamentini layiqli təmsil etmişik və Azərbaycanın inkişaf yolunda öz töhfəmizi vermişik.
Hörmətli deputatlar, bilirsiniz ki, hər 5 ildən bir olduğu kimi, bu il də payız sessiyası çox qısa olacaq. Ona görə də biz gündəliyi bu sessiyaya uyğun olaraq hazırlamışıq. Gündəlik və iş planı sizə təqdim olunub, biz onları müzakirə edəcəyik.
Hörmətli deputatlar, qarşıdan parlament seçkiləri gəlir. Mən bu gün fürsətdən istifadə edərək seçkilərdə iştirak edəcək bütün millət vəkillərimizə uğurlar arzulayıram. Onlardan xahiş edirəm, Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün səylərini ortaya qoysunlar, Azərbaycan xalqının dünyadakı demokratik imicini dəstəkləsinlər. Bir daha sizə uğurlar arzu edirəm.
İndi isə xahiş edirəm, millət vəkilləri qeydiyyatdan keçsinlər.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 105
Yetərsay 83

Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə təqdim olunub. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, gündəliyi müzakirə etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə etmək istəyirsən, düyməni bas, adın yazılsın. Əl qaldırma, burada texnika var. Xahiş edirəm, mikrofonları bir də yoxlayın. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Birincisi, mən hesab edirəm ki, artıq seçkilərin startının verilməsi ilə bağlı bir sıra addımların atılması ilə yanaşı, hər halda bizim bugünkü iclasımızın bilavasitə gündəliyinə aid olan bir məsələ də vardır. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyasının tərkibi tam şəkildə formalaşmamışdır. Bu 5 il ərzində orada iki yer, indi də bir nəfər üzv hakim təyin olunduqdan sonra bir yer vakansiyadır. Müsavat Partiyası ən iri deputat qrupu olduğunu nəzərə alaraq ora üzvlər təyin etmişdir. Biz xahiş edərdik ki, bu məsələ gündəliyə salınsın və bu barədə Milli Məclisin mövqeyi bilinsin. Qanunvericilik buna tam imkan verir.
İkincisi, Müsavat deputat qrupunun bu iclasda bəyan olunması qərara alınmış sorğusu vardır. Dünən hörmətli maliyyə naziri elan etdi ki, Azərbaycanda dövlət qızıl ehtiyatları yaradılır və hazırda 99 kiloqram qızıl toplanmışdır. Nəzərinizə çatdırıram ki, 1992-ci ilin iyul ayının 16-da dövlət qızıl ehtiyatlarının yaradılmasını nəzərdə tutan Ləl-Cəvahirat Fondu haqqında Prezident fərmanı verilmişdir. 1993-cü ildə, bizim hakimiyyət dövründə orada bundan onlarca artıq miqdarda, – mən dəqiq rəqəmi dövlət sirri olduğu üçün səsləndirmirəm, – qızıl, antikvariat, daş-qaş toplanmışdı. Ona görə də biz dövlətə məxsus olan bu ehtiyatın taleyinin necə olduğunun, bunun hara getdiyinin, kim tərəfindən sərf edildiyinin xalqa elan olunmasını xahiş edirik.
Digər bir məsələ. Hazırda bizə xeyli müraciət gəlmişdir. Dünən də bu məsələyə aydınlıq gətirildi. Bu, əmək haqlarının 10 faiz artırılması ilə bağlıdır. Qanuna görə bu, 6 ay ərzində olmalı idi, lakin hələ də verilmir. İndi də deyilir ki, bu, dekabr ayına qədər ödəniləcəkdir. Bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac vardır.
Nəhayət, mənə “kubinka” deyilən ərazidə yaşayan bir qrup sakin müraciət edib. Bir xeyli hay-küyə səbəb olan bir cinayət hadisəsi baş vermişdir. Xalq artisti Faiq Ağayev bıçaqlanmışdır. O bıçaqlanmaya görə həbs olunan şəxslərin yaxınları mənə müraciət edərək xahiş etdilər ki, əvvəla, o tutulanların birinin xəstə olduğu nəzərə alınsın, ikinci də, ümumiyyətlə, o məsələnin obyektiv olaraq araşdırılması üçün bir deputat olaraq tədbir görüm. Bunu da mən sizin diqqətinizə çatdırmağı lazım bildim. Digər məsələləri iş planı müzakirə olunarkən söyləyəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Bu gün səhər-səhər mənə dedilər ki, dünən Müsavat Partiyası müraciət edib. İndi məktub gəlib, məktuba baxacağıq. Ancaq biz 3 ildir, xahiş edirik ki, “Müsavat qrupu” dediyiniz böyük qrup Mərkəzi Seçki Komissiyasına öz nümayəndəsini versin. Bunu da deyim ki, siz dəfələrlə bundan imtina etmisiniz. İndi seçkilərə 15–20 gün qalıb, dünən deyirlər ki, divan keçirib, məktub yazmısınız. Bu, düzgün yanaşma deyil. Məktuba baxarıq. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə verin, qısa çıxışımın əvvəlində sizi, hörmətli həmkarlarımı üçüncü çağırış Milli Məclisin son sessiyasının başlanması münasibətilə təbrik edim, ötən sessiyalarda olduğu kimi, bu sessiyada da ölkəmizin, dövlətimizin tərəqqisinə təkan verən qanunların qəbulunda sizlərə uğurlar arzulayım.
Bu gün Azərbaycan öz dövlət müstəqilliyinin 20-ci ilində çox vacib siyasi kampaniya dövründə – dördüncü çağırış Milli Məclisə seçkilər mərhələsindədir. Ötən 5 il ərzində ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Son illərdə dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Biz hər il iqtisadi artıma nail olmuş, sosial sahədə tərəqqi əldə etmişik. Əhalinin rifah halı ilbəil yüksəlir, ölkə üçün çox vacib olan çoxsaylı infrastruktur layihələri reallaşdırılır.
Böyük neft strategiyasının uğurlu icrası beynəlxalq aləmdə Azərbaycana çox ciddi dividendlər gətirir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində onun mühüm tərəfdaşına çevrilib. Bunu Avropanın aparıcı dövlətləri, mötəbər qurumları birmənalı qəbul edir və yüksək qiymətləndirir.
Bu gün həyata keçirilən uğurlu xarici siyasət sayəsində beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq işini daha böyük diqqətlə dəstəkləyir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 65-ci sessiyasındakı əsaslandırılmış və hərtərəfli çıxışı bir daha təsdiqləyir. Bu gün Amerika Birləşmiş Ştatları regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İki ölkə liderinin sentyabrın 24-də Nyu-Yorkda keçirilən görüşlərinin nəticələri bunun əyani təzahürüdür. Prezidentlərin görüşündə vurğulandı ki, iki dövlət arasında strateji əməkdaşlığa əsaslanan qarşılıqlı münasibətlərin uğurla inkişaf etməsi hər iki tərəfdə razılıq hissi duyurur.
Azərbaycan bu gün onun üçün çox vacib olan Türkiyə ilə, türkdilli dövlətlərlə əməkdaşlıq və dostluğu yeni səviyyəyə qaldırır, MDB məkanında ikitərəfli əlaqələri gücləndirir. Bunu bu günlərdə Prezidentimizin Türkiyə və Özbəkistana etdiyi rəsmi səfərlər, orada imzalanan mühüm sənədlər bir daha təsdiqləyir. Azərbaycanın bugünkü uğurlarını əks etdirən yuxarıda qeyd etdiklərim möhtərəm Prezidentimizin daxili və xarici siyasətdə apardığı möhtəşəm fəaliyyətin nəticəsidir. Bu gün biz əminliklə deyə bilərik ki, ölkə həyatının mühüm tədbiri olan dördüncü çağırış parlament seçkiləri yüksək səviyyədə, Avropa standartlarına uyğun, demokratik şəraitdə keçəcək, müasir tələblərə cavab verən növbəti parlament formalaşacaq. Bu işdə Azərbaycan seçicilərinə, deputatlığa namizədlərə uğurlar arzulayıram.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu gün parlamentimizin üçüncü çağırış sonuncu sessiyasının işə başlaması münasibətilə bütün millət vəkillərini, parlament rəhbərliyini, eyni zamanda, parlamentimizdən mühüm qərarlar gözləyən Azərbaycan ictimaiyyətini təbrik edirəm.
Bununla bərabər, mənim müzakirə etdiyimiz gündəliyə bir sıra təkliflərim vardır, cənab Sədr, Sizin və eyni zamanda, millət vəkillərinin nəzərinə bunları çatdırmaq istəyirəm. Hər bir parlamentin tarixin yaddaşına oturuşması üçün görə biləcəyi müəyyən işlər, qəbul edə biləcəyi müəyyən qərarlar vardır. Heç şübhəsiz ki, 5 il ərzində parlamentdə bu istiqamətdə uğurlu addımlar atılıb. Amma mən arzulayıram ki, insan hüquqları sahəsində parlament öz adını tarixə yazmaqdan ötrü bu gün həbsdə olan 3 jurnalistin azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etsin və qoy bu bizim parlamentimizin insan hüquqları sahəsində tarixin yaddaşına oturan bir səhifəsi olsun.
Minlərlə Azərbaycan vətəndaşı vaxtilə əmanət kassalarına qoyduğu pulları, vəsaitləri gözləyir. Bu istiqamətdə parlamentə böyük ümidlər var idi. Bu ümidlər doğrulmadı, amma hələ də gec deyil. Azərbaycan öz iqtisadi imkanlarına görə köhnə sovet məkanında ən qabaqcıl ölkələrdən biri olmasına baxmayaraq, həmin coğrafiyada bir çox ölkələr ya bu əmanətləri verib qurtarıb, ya da onu verməkdə davam edir. Bu baxımdan Azərbaycanın iqtisadi imkanları ilə vətəndaşların halal pullarını qaytarmaması arasında tərs bir mütənasiblik vardır. Ümid edirəm ki, bizim qalan vaxtımızdan bu istiqamətə istifadə edilməsi faydalı olardı.
Mənim deyəcəyim üçüncü mühüm məsələ ünvanlı sosial yardımların alınmasında yaranmış böhranlı vəziyyətlə bağlıdır. Onlarca vətəndaş bu istiqamətdə mənə və digər millət vəkillərinə müraciət etmişdir. Hesab edirəm ki, bunun parlamentdə müzakirə edilməsinə ehtiyac vardır.
Ən nəhayət, cənab Sədr, mən Sizin və millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycanda sözün tam mənasında bazar od tutub yanır. Azərbaycan meyvə-tərəvəz ölkəsi olmağına baxmayaraq, bu gün Azərbaycanda meyvənin qiyməti Rusiyanın şimal şəhərlərindəki və Şərqi Avropadakı meyvənin qiymətindən bahadır. Vətəndaşlarımızın, aztəminatlı ailələrimizin əmək haqlarının, pensiyalarının indiki şəraitində onların belə qiymətlərlə ayaqlaşması qeyri-mümkündür. Ümid edirəm ki, bu istiqamətdə...
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının açılışı münasibətilə hörmətli millət vəkillərini təbrik edirəm və arzu edirəm, bu az müddətdə Azərbaycan dövləti, xalqı üçün gərəkli qanun layihələri qəbul edilsin. Seçki marafonuna qoşulmuş bütün millət vəkillərinin hamısına da uğurlar arzulayıram.
Hesab edirəm, keçən 5 il ərzində bu tribunadan dəfələrlə səsləndirməyimizə baxmayaraq, Qarabağ məsələsinin gedişi və problemin indiki mərhələdə hansı səviyyədə olması Milli Məclis tərəfindən müzakirəyə çıxarılmalıdır. 5 ilin yekunları olaraq biz də baş verən son hadisələri Milli Məclisdə müzakirəyə çıxarıb öz mövqeyimizi ifadə etməliyik və Xarici İşlər Nazirliyindən həm gedən danışıqlar, həm də hansı proseslərin getdiyi barədə ciddi informasiya əldə etməliyik.
Son dövrlərdə, bilirsiniz ki, Ermənistanın xarici işlər naziri Nalbandyan belə bir müsahibə verdi ki, Ermənistan Madrid prinsiplərini qəbul edir və Madrid prinsiplərini qəbul etməsinə rəğmən Azərbaycan müəyyən şərtlər irəli sürüb. Bundan əvvəlki mərhələdə isə Azərbaycan tərəfi bəyan edirdi ki, biz Madrid prinsiplərini qəbul edirik, amma Ermənistan qəbul etmir. Ermənistan–Azərbaycan münaqişəsi ətrafında, əslində, işğal olunmuş Azərbaycan torpaqlarının ətrafında belə bir qeyri-müəyyənliyin yaranması hər halda Azərbaycan cəmiyyəti üçün də, millət vəkilləri üçün də çox ciddi bir müəmma yaradır. Biz də bu sorğunun cavabını bilmək istəyirik ki, Madrid prinsiplərində hansı şərtlər nəzərdə tutulub, hansı şərtlər çərçivəsində Azərbaycan Madrid prinsiplərinə razılıq verib, indi şərtlərdə hansı korrektlər olub ki, Ermənistan tərəfi qəbul edir və Azərbaycan tərəfinin bu istiqamətdə addım atmasını gözləyir və sair. Çox istərdim ki, Qarabağ məsələsi müzakirə olunsun.
İkinci, çox istərdim ki, biz bir məsələni də gündəliyə salaq. Son 5 ildə Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı dəfələrlə danışmışıq. Məndən əvvəl çıxış edən hörmətli Cəmil müəllim də bunu qeyd etdi. Həm Eynulla Fətullayevin, həm də iki blogerin həbsdə olması beynəlxalq aləmdə Azərbaycanın imici, o cümlədən Azərbaycanda söz, mətbuat azadlığının vəziyyəti ilə bağlı kifayət qədər suallar yaradır, kifayət qədər ciddi hesabatlarda Azərbaycanın adı mənfiyə doğru çəkilir. Mən də hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi həm iki blogerin, həm də Eynulla Fətullayevin həbsdən azad olunması üçün Prezidentə müraciət etməlidir. Bu həm söz və mətbuat azadlığına Azərbaycan Milli Məclisinin bir töhfəsi olar, həm də beynəlxalq aləmdə Azərbaycanın imicini kifayət qədər yaxşılaşdırar.
Sədrlik edən. Sağ olun. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də payız sessiyasının başlanması münasibətilə hamını ürəkdən təbrik edirəm, sessiyanın işinə uğurlar arzulayıram və hər bir millət vəkilinə gələcək seçkilərdə uğurlar və can sağlığı diləyirəm.
Hörmətli millət vəkilləri, bir neçə gün bundan öncə Amerika Birləşmiş Ştatlarının Boston şəhərində Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan yalan bir bəyanatla çıxış etdi. Ümumiyyətlə, erməni rəhbərliyinin yalan danışması bizim üçün yeni deyil. Eduard Nalbandyan bəyan etdi ki, Azərbaycan, ümumiyyətlə, yeniləşmiş Madrid prinsiplərini qəbul etmir və bu da məsələnin həllinə problemlər yaradır. Azərbaycanda ən yüksək səviyyədə – Azərbaycan Respublikası Prezidenti səviyyəsində, xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan olunub ki, Azərbaycan yeniləşdirilmiş Madrid prinsiplərini əsas kimi qəbul edir. Digər tərəfdən, bir məsələyə diqqətinizi yönəltmək istərdim. Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan yeniləşmiş Madrid prinsiplərindən danışır, amma Ermənistanda parlament səviyyəsində, – mən şəxsən özüm bunun şahidi olmuşam, – bəyan edirlər ki, ümumiyyətlə, yeniləşmiş Madrid prinsipləri nədir və biz belə bir sənəd tanımırıq. Bu da bizim üçün təəccüblü deyil, çünki artıq Ermənistanda elə bir vəziyyət yaranıb ki, sağ əlin sol əlin etdiyindən xəbəri yoxdur. Təbii ki, Eduard Nalbandyanın yalan bəyanatlarına dərhal Azərbaycanda Prezident Administrasiyasının müvafiq şöbəsi səviyyəsində münasibət bildirildi və Xarici İşlər Nazirliyi açıqlama verdi. Mən hesab edirəm, ümumiyyətlə, belə bir vəziyyətdə, yəni birinci şəxslər yalan danışanda yaxşı olardı ki, Minsk qrupunun həmsədrləri buna münasibət bildirsinlər. Təbii ki, diplomatiyada müxtəlif çıxışları şərh etmək o qədər də qəbul olunmayıb, amma hesab edirəm ki, bu, fərqli bir vəziyyətdir. Minsk qrupu onun üçün yaradılıb ki, Dağlıq Qarabağ məsələsinin həllinə kömək etsin. Bu onların əsas vəzifəsidir. Ona görə yaxşı olardı ki, Minsk qrupunun həmsədrləri bu söylənən yalanlarla bağlı bir şərh, məlumat verəydilər. Bu həm dünya ictimaiyyəti üçün xeyirli olardı, həm də məsələnin həllinə bir köməklik göstərə bilərdi. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asəf müəllim İqbal müəllimin sualına cavab verdi. Ancaq bir şeyi İqbal müəllimin yadına salım ki, təxminən 6 ay bundan öncə Minsk qrupu Madrid prinsiplərini təqdim edəndə Azərbaycan Prezidenti bu prinsipin qəbul olunmasını şərh elədi. Bu altı ayda Ermənistandan heç bir səs yox idi. İndi bunlar çıxılmaz vəziyyətdə qaldıqları üçün yalandan bu məsələni ortaya atdılar. Altı ayda bu sualı verərdiniz də?! İndi Nalbandyan ağlına gələn cəfəngiyatı danışır, siz də burada o sualı təkrarlayırsınız. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımı payız sessiyasının başlaması münasibətilə təbrik edirəm. Mən bir məsələ ilə bağlı münasibətimi bildirmək istəyirəm. Adətən, mən parlament tribunasından başqa müxalifət düşərgəsindən olan insanlar haqqında fikirlərimi çox vaxt bildirmirəm. Ona görə ki, bu müxalifətçilik dünyagörüşü və fikri ilə bağlı məsələdə hər kəs öz fikrini, dünyagörüşünü özünün seçdiyi strukturda, taktikada ortaya qoya bilər və demokratik ölkələrdə bu, normal haldır. Amma bu gün burada səsləndirilən məsələ ilə bağlı fikrimi bildirməyə bilmərəm.
Qeyd olundu ki, Müsavat Partiyası tərəfindən MSK-da olan boş yerlərə namizəd irəli sürülübdür. Mən, Oqtay müəllim, bir şeyi Sizə xatırlatmaq istəyirəm. Dəfələrlə biz burada məsələ qaldıranda Siz buna Müsavat Partiyasının qaldırdığı məsələyə bildirdiyiniz münasibəti ortaya qoymadınız. Yəni onlara dediniz ki, bu müraciətə baxılacaqdır. Mən indi soruşmaq istəyirəm. Hansı əsasla buna baxılacaqdır? Adətən, bir univermaqda, bir bazarda 2–3 yer saxlayırlar ki, sabah kimsə xahiş edəndə o yeri yaxın tanışa, qohuma versinlər. Azərbaycanda Mərkəzi Seçki Komissiyası kimi ciddi bir qurum var. Bu qurum formalaşıbdır. Bu qurum formalaşandan sonra burada iki yer piştaxta, boş saxlanan yer deyil ki, kimsə seçkiyə bir ay qalmış o yeri tələb edir deyə ona verməlisiniz. Nə əsasla? Burada azlıqda olan müxalifət partiyalarının hüququnu tapdamaq hesabına bunu etməyin hansı məntiqi əsası var? Sabah bu, digər müxalifət partiyaları üçün bərabərlik prinsipinin pozulması mənasına gəlməyəcəkmi?
Seçkilərə bir ay yarım qalmış belə bir məsələnin gündəmə gətirilməsi başqa şeylərdən xəbər verir. Tez-tez başqalarını iqtidaryönlü, iqtidarla bağlı müxalifət partiyaları kimi qəzetlərində, mətbuatda ifadə edən, tanıtmağa çalışan adamlar bu gün açıq söyləsinlər ki, hansı separat danışıqlara gediblər? Seçilmək üçün, yer almaq üçün iqtidarla hansı danışıqlar aparırlar? Bunu niyə açıqca söyləmirsiniz? Biz iqtidara münasibətimizi də, müxalif görüşümüzü də, tənqidimizi də açıq söyləyirik. Bizi qətiyyən narahat eləmir ki, kim bizi hansı cinahda görəcək. Biz Azərbaycan xalqının problemlərini dilə gətiririk. Ona görə də, Oqtay müəllim, mən bu məsələnin gündəliyə salınmasının qəti əleyhinəyəm və millət vəkillərindən də xahiş edirəm ki, bunun əleyhinə öz mövqelərini ortaya qoysunlar. Çünki hər dəfə MSK kimi ciddi qurumun bu şəkildə aşağılanması, bu şəkildə qeyri-ciddi səviyyəyə gətirilməsi yanlışdır. Bu elə iqtidarın özü tərəfindən də atılan ən səhv addımlardan biri ola bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Vallah, Fazil müəllim, Sizin narahatlığınızı mən başa düşmədim. Mən demədim ki, baxılacaq. Dedim ki, məktub gəlib, məktuba baxılar. Mən hələ məktubu da görməmişəm.
İkinci, bir şeyə də arxayınıq, hələ mənim yanıma separat danışığa gəlməyiblər. Mən söylədim ki, artıq üç il keçib, Müsavat Partiyası hələ də MSK-ya nümayəndə verməyib. Mən onu da söylədim ki, seçkiyə iyirmi gün, bir ay qalmış onlar nümayəndə vermək istəyirlər. Bu nə qədər düzdür, hələ bilinmir. Buyursun Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarlarım kimi, sessiyanın açılışı və ümumilikdə, üçüncü çağırış Milli Məclisin səlahiyyətinin bitməsi münasibətilə hamını təbrik edirəm. Bu beş il ərzində parlament ümumi tərkibdə işləyə, dövlətçiliyin formalaşmasına öz töhfəsini verə bildi və Azərbaycanın siyasi həyatında, ictimai fikrində kifayət qədər nüfuzlu bir orqana çevrildi.
Mənim toxunmaq istədiyim məsələ Dağlıq Qarabağ məsələsi və buna parlamentin münasibətidir. Mən belə fikirləşirəm ki, beş il ərzində Azərbaycan parlamentində daim müzakirə edilən, daim ciddi diqqət yetirilən məsələlərdən biri də Dağlıq Qarabağ məsələsi olub. Beş il ərzində elə bir iclasımız olmayıb ki, orada Dağlıq Qarabağ məsələsi müzakirə edilməsin, bu məsələyə münasibət bildirilməsin. Ümumilikdə götürəndə qəbul etdiyimiz hər bir qərar, hər bir qanun Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirib, bizi problemin həllinə daha da yaxınlaşdırıb.
Qeyd edim ki, bu illər ərzində hörmətli Prezidentimiz cənab İlham Əliyevin bir neçə dəfə parlamentdəki çıxışlarında da Dağlıq Qarabağ məsələsinə toxunulub, Azərbaycanın mövqeyi konkret olaraq ortaya qoyulub. Prezidentimizin bu gün Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə yeddi il bundan əvvəl seçildiyi dövrdəki mövqeyi arasında bir axarlıq, bir davamlılıq və eyni prinsipial mövqenin müdafiəsini görürük. Azərbaycan dövləti Azərbaycan Prezidentinin timsalında özünün ərazi bütövlüyünün, suverenliyinin qorunmasını daim müdafiə edib, daim Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması məsələsini birmənalı şəkildə qoyub. Azərbaycanın mövqeyi bütün məsələlərdə birmənalı olub. Ermənistanın prezidentindən, xarici işlər nazirindən, müdafiə nazirindən fərqli olaraq Azərbaycan rəsmiləri Azərbaycanın mövqeyini prinsipial şəkildə müdafiə ediblər. Ermənistan tərəfi isə tez-tez danışıqları pozub, danışıqlarda qeyri-konstruktiv mövqe tutub. Nəinki dünya ictimaiyyətinə, öz cəmiyyətinə belə ağ yalanlar danışıb və öz hakimiyyətini, özünün işğalçı siyasətini qorumağa çalışıb.
Ancaq Azərbaycan ildən-ilə möhkəmlənir, iqtisadiyyatı, diplomatiyası güclənir. Heç nə yox, bu günlərdə Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama ilə görüşündə Barak Obama Azərbaycanı regionun çox nüfuzlu dövləti, cənab İlham Əliyevi isə çox nüfuzlu bir lider adlandırıb. Bu, Azərbaycanın qazandığı nailiyyətlər sayəsindədir. Bütün bunlar ona gətirib çıxaracaq ki, heç də uzaq olmayan bir dövrdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu, sülh yolu ilə olacaq, yoxsa heç bir yol qalmadığına görə digər yolmu olacaq, biz bunun şahidi olacağıq.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Hörmətli Sədr, mən də artıq burada səsləndirilən təbriklərə qoşularaq Milli Məclisin növbəti sessiyasının başlanması münasibətilə Milli Məclisin hər bir üzvünü təbrik etmək istəyirəm. Eyni zamanda, üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz fəaliyyətini başa çatdırmağa yaxınlaşır. Güman edirəm ki, beş il ərzində Azərbaycan Respublikası Milli Məclisinin, Milli Məclisin üzvlərinin fəaliyyəti kifayət qədər səmərəli olubdur. Həm qanunvericilik fəaliyyətinin səmərəli olması haqqında kifayət qədər ciddi şəkildə fikir söyləməkdən ötrü əsas var, həm də beş il ərzində Azərbaycan parlamenti öz simasını, görünüşünü də əhəmiyyətli dərəcədə dəyişdiribdir. Bunun özü də həm iş şəraitinin yaxşılaşdırılması, həm də Azərbaycan parlamentinin təmsilçilik imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan çox ciddi siyasi kampaniya dövrünü yaşayır. Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə bir aydan bir az çox vaxt qalıbdır. Məmnunluq hissi ilə qeyd eləmək istəyirəm ki, beş il Azərbaycan xalqını və seçicilərini Milli Məclisdə təmsil edən deputatların böyük əksəriyyəti qarşıdan gələn parlament seçkilərinə qoşulublar. O cümlədən Azərbaycan parlamentinin çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının deputat korpusunun mütləq əksəriyyəti də qarşıdan gələn parlament seçkilərinə qoşulub. Mən inanmaq istəyirəm ki, partiyamızın irəli sürdüyü siyahı əsasında qarşıdan gələn parlament seçkilərinə qoşulmuş Yeni Azərbaycan Partiyasının deputatları yenidən Azərbaycan parlamentində seçicilərimizi təmsil etmək hüququ əldə edəcəklər.
Eyni zamanda, onu da bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edərək beş il ərzində Milli Məclisdə fəaliyyət göstərmiş, amma qarşıdan gələn parlament seçkilərinə qatılmayan digər insanların hər biri yenə də bizimlə çiyin-çiyinə Azərbaycan dövlətinə və xalqına xidmət etmək sahəsində fəaliyyətlərini davam etdirəcəklər. Qarşıdan gələn parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olacaqdır.
Burada bayaq bir fikir səsləndirildi, mən ona münasibətimi bildirmək istəyirəm. Yəqin ki, burada oturanların hər biri və Azərbaycan xalqı da çox gözəl xatırlayır ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın rəsmi nümayəndələri dəfələrlə əvvəlki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin xəzinəsinin tamamilə boş qaldığını qeyd etmişdilər. O zaman əvvəlki hakimiyyəti təmsil edənlər bu sözləri eşidəndə nədənsə səslərini çıxarmırdılar. Üstündən on yeddi il keçəndən sonra yoxlama tələb edirlər. Mən də bunun...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, köhnə ampluandasan. Sən danışanda sənə mane olmadılar. Yerindən danışırsan, replika atırsan. Belə olmaz da... Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də bütün təbriklərə qoşuluram və Əli müəllimin nöqtə qoyduğu yerdən davam etmək istəyirəm. Tamamilə doğru deyir. 1993-cü ildə Azərbaycanın büdcəsinə, Ləl-Cəvahirat Fonduna, zavodlarına, fabriklərinə süpürgə çəkdiniz. Nə vardısa, hamısı yükləndi, İrana satıldı, dağıdıldı, talan olundu. Bəli, gözəl bir komissiya yaradaq, araşdırsın ki, o Ləl-Cəvahirat Fondunu kim aparıb, kim oğurlayıb. Mən hesab edirəm ki, burada oturanlardan bir neçəsi bununla bağlı cinayət məsuliyyətinə cəlb oluna bilər. Baş nazir olaraq bu işə kim rəhbərlik edirdi və sair və ilaxir. Ortada çox detallar var, cinayət məsuliyyətinin müddəti qurtarmayıb. Hesab edirdiniz ki, on yeddi ildən sonra hər şey bağlanıb? Yox, ondan sonra da cinayət məsuliyyətinə cəlb edilmək olar. Bu gün Azərbaycan dövlət büdcəsinin vəziyyəti, büdcədən camaat, insanlar üçün istifadə olunması, sosial obyektlərin tikintisi və sair göz qabağındadır. Bu cür quruculuq, abadlıq işlərinin içərisində belə bir məsələnin ortaya atılması və danışılması, hesab edirəm ki, tamamilə yerində olmayan bir məsələdir.
Oqtay müəllim, mən tamamilə Fazil müəllimin fikirləri ilə razıyam ki, bunlar indi gündə gah adam verəcəklər, gah verməyəcəklər, gah da məktub yazacaqlar. Abdulla Şaiqin bir “Məktub yetişmədi” əsəri var. Məktubları yetişəcək, yetişməyəcək, yazıb göndərəcəklər, göndərməyəcəklər – hələ bu, sual altında olan məsələdir. Görünür, Sem dayı bunlara bir tapşırıq verib ki, bu məktubu göndərsinlər, amma hələ məktub yetişməyib, gəlib çıxmayıbdır.
“Mərkəzi Seçki Komissiyası haqqında” Qanunda göstərilir ki, hər yeni formalaşan parlamentdən sonra yeni komissiya formalaşır. İndi bir ay müddət qalıb. Ondan sonra hansı komissiya formalaşacaq, necə olacaq, hansı formada olacaq, hansı şəkildə olacaq? İndiyə qədər niyə adamınızı göndərmirdiniz? Nə idi bunun səbəbləri? İndi istəyirsiniz, gəlsin, orada da bir qarışıqlıq yaratsın? Görülən ədalətli işləri, qanunvericiliyi pozsun? Mən hesab edirəm ki, hər şeyin öz yeri var və parlament çoxluğu var. Parlament bu məsələləri təsdiq eləməlidir. İstənilən namə gəlsin, biz ona baxacağıq. O naməni ya təsdiq edəcəyik, ya da eləməyəcəyik. Namizədlərin hər birinə, bütün parlament üzvlərinə uğurlar diləyirəm.
Sədrlik edən. Çox sağ ol. Eldar müəllim, növbədə Sizsiniz, əgər təkid eləmirsinizsə, gündəliyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən hesab edirəm ki, müzakirəni keçirdik.
Bir düzəliş etmək istəyirəm. Mənə dedilər ki, bayaq çıxışımda 10058 qanun və qərar qəbul edilib demişəm. Amma 1058 qanun və qərar qəbul olunub.
Gündəliyin birinci məsələsinin müzakirəsinə başlayırıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İkram müəllim, burada debat keçirməyəcəyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən bilirəm, niyə yazıldın. Bura debat yeri deyil. Milli Məclisin sessiyası təzə başlayıb, çıxış edəndə sözünü deyərsən. Mən bilirəm ki, sən debat üçün Fazil Qəzənfəroğluna sual verəcəkdin.
Gündəliyin birinci məsələsi Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Hörmətli millət vəkilləri, qanunvericilik işləri planı sizə paylanılıb. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli Sədr. Mən də millət vəkillərini payız sessiyasının başlanması münasibətilə təbrik edirəm və seçkiyə qatılmış millət vəkillərinə uğurlar arzu edirəm. Cənab Sədr, mən iki məsələyə fikrinizi yönəltmək istərdim. Deməli, keçən sessiyada Əli Məsimli və mənim tərəfimdən Milli Məclisə Təhsil kreditləri haqqında qanun layihəsi təqdim olunub. Biz çox xahiş edirik ki, həmin qanun layihəsi gündəliyə salınsın. Çünki son vaxtlar Azərbaycanın bir sıra özəl məktəblərində baş verən hadisələr belə bir qanun layihəsinin qəbul edilməsini vacib edib.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

İkinci bir məsələ Rəqabət Məcəlləsi ilə əlaqədardır. Ziyafət müəllim, mən keçən sessiyada bu məsələni qaldırdım. Deməli, 2006-cı ildə cənab Prezident tərəfindən Rəqabət Məcəlləsi Milli Məclisə göndərilib və iki oxunuşdan keçib. Milli Məclis onu üçüncü oxunuşda qəbul eləməlidir. Amma nəyə görə isə bu qanun layihəsi nə yaz, nə də payız sessiyasında gündəliyə salındı. Bu gün də gündəlikdə yoxdur, bunun səbəbi nədir? Bizə açıqlama verən də yoxdur. Əgər bu qanun layihəsi cənab Prezident tərəfindən geri alınıbsa, bu, başqa məsələ. Cənab Prezident geri çağırıbsa, bir iddiamız, sözümüz yoxdur. Yox, hər hansı bir məmur bu qanun layihəsinin keçməsinə imkan yaratmırsa, onda açığını deyin, biz də bilək. Həmin məmur kimdir, həmin o uzun əllər kimlərdir? Çünki son vaxtlar Azərbaycanın daxili bazarında, iqtisadiyyatında baş verən hadisələr, sahibkarlıq yönündə gedən bütün işlər belə bir məcəllənin qəbul edilməsini vacib edir. Mən xahiş edirəm ki, Rəqabət Məcəlləsi payız sessiyasının gündəliyinə salınsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Ziyafət müəllim. Üçüncü çağırış Milli Məclisin axırıncı sessiyasıdır. Mən, əlbəttə, çox arzu edərdim ki, biz birinci növbədə parlamentin özünün fəaliyyətini tənzimləyən qanunların demokratikləşməsindən başlayaq. Mən bizim gələcək çağırışa kim seçiləcəksə, indidən onlara uğurlar arzulayıram və çox istərdim ki, onlar bu işdən başlasınlar. Çünki Azərbaycanın demokratikləşməsinin və inkişafının əsas resurslarından biri Milli Məclisin fəaliyyətinin demokratikləşməsidir. Bu da, bir daha təkrar edirəm, birinci növbədə qanunların – Daxili Nizamnamənin, “Deputat statusu haqqında” Qanunun, “Daimi komissiyalar haqqında” Qanunun yenidən işlənməsini çox ciddi, zəruri şəkildə tələb etməkdədir.
Düzdür, 1995-ci ildən sonra mövcud Konstitusiyaya bir sıra əlavələr edilmiş, referendumlar keçirilmiş, bir sıra irəliləyişlər olmuşdur. Bizim fikrimizcə, məsələn, Prezident seçkiləri və digər seçkilərlə bağlı çox ciddi geriləmələr də olmuşdur. Burada bir sıra deputatlar və deputat qrupları tərəfindən Konstitusiyaya ciddi dəyişikliklər nəzərdə tutan qanun layihələri təqdim edilmişdir. Məsələn, mən Qüdrət Həsənquliyevin təqdim etdiyi Konstitusiya dəyişikliyini və bir sıra başqa dəyişiklikləri xatırlayıram. Müsavat deputat qrupu hesab edir ki, gələn çağırışdakı əsas vəzifələrdən biri artıq uzun müddət keçdiyini və ölkənin indiki inkişaf səviyyəsini nəzərə alaraq yeni bir Azərbaycanın Konstitusiyasının müzakirə edilməsi və referendum vasitəsilə qəbul edilməsi olardı. Ona görə hesab edirəm ki, gərək bizim Milli Məclisin müvafiq orqanlarına da belə bir tapşırıqlar təqdim ediləydi.
Bir sıra cari məsələlərə dair qanun layihələrinə də ciddi ehtiyac vardır, amma təəssüf ki, onları burada görmürük. Dəfələrlə burada Tibbi sığorta haqqında qanun layihəsinin qəbul edilməsi və ümumiyyətlə, tibbi sığorta məsələsinin qanunvericilik bazasının yaradılması məsələsi qaldırılmışdır. Niyə mən bu məsələni səsləndirdim? Son dövrdə bir neçə seçicim mənə müraciət edərək ağır, ixtisaslı müalicə tələb edən məsələlər üçün Bakının müvafiq poliklinikalarına, xəstəxanalarına müraciət etdiklərini bildirmişlər. Onlar müraciətlərində qeyd edirlər ki, bu xəstəliyin müalicəsi üçün lazım olan müəyyən haqlar bir tərəfə qalsın, adi analizlər üçün böyük miqdarda pul tələb edilir. Əgər bizdə xaricdə olduğu kimi tibbi sığorta olsaydı, o halda müalicə başlamamışdan məcburi qaydada verilməli olan analizlərin siyahısı var, bunlar edilərdi. Çox təəssüf edirəm, hazırda Azərbaycan insanının əsas hüquqlarından biri olan müalicə və yaşam hüququ, ümumiyyətlə, ciddi bir şəkildə zərər görməkdədir. Bu baxımdan da hesab edirəm ki, bu qanunvericilik bazasının qəbul edilməsinə, təkmilləşdirilməsinə, inkişaf etdirilməsinə və icraya yönəldilməsinə ciddi ehtiyac yaranmışdır.
Hörmətli deputatlar, burada bizim bəzi hörmətli həmkarlarımız tərəfindən müəyyən fikirlər səsləndi. Mən bilirəm, bir iqtidar vardır. Məsələn, Siyavuş Novruzov, Əli müəllim, ya da hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri danışanda biz onların fikirlərini siyasi mövqeləri kimi sayğı ilə qarşılayırıq. Etiraz etdikdə, etirazımızı bildiririk. Amma xalq arasında deyildiyi kimi, bir “ələkçi” var, bir də “ələkçinin qıl verəni”. Burada bəzi yoldaşlarımız “ələkçinin qıl verəni” rolunu oynamasınlar. Əgər bizim müraciətimiz qanunvericiliyə ziddirsə, qanuna uyğun deyilsə, zəhmət çəksinlər, öz dəlillərini, arqumentlərini ortalığa qoysunlar. O halda Milli Məclis hansı qərarı qəbul edəcəksə, etsin. Bizim 5 il ərzində Mərkəzi Seçki Komissiyasında üzvümüz yox idi, nə olurdu ki? Bundan sonra da orada iki, ya da bir nəfər üzvümüz olanda nə olacaq ki? Biz müraciətimizi etmişik. Hörmətli Milli Məclis də səlahiyyətinə aid olan məsələ olduğuna görə öz qərarını versin və yaxud məsələni gündəliyə, müzakirəyə çıxarmasın. Bu da onların işidir.
Seçki gedir, biz maraqlıyıq ki, bu seçkilərin nəticələri Azərbaycan cəmiyyətinin müəyyən hissəsinin, beynəlxalq təşkilatların müşahidə missiyalarının, heç olmasa, qismən etimadını qazansın. O tələblərdən biri də seçki komissiyasında hörmətli Fazil bəyin partiyasının aldığı üç-dörd min səsdən onlarca, yüzlərcə dəfə artıq səs almış siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında təmsil olunması məsələsidir. Burada hörmət etdiyimiz bir sıra siyasi partiyalar bir deputatla təmsil olunublar. Bizim blokun 6–7 deputatı var. Bizim nümayəndələrimiz orada yoxdur. Nə üçün olmamışdır? Bu bizim işimizdir. 2006-cı ilin yanvar ayında vermədik, indi veririk. Təkrar edirəm, qanuna ziddirsə, zəhmət çəkin, qanunun müvafiq maddəsini ortaya qoyun. Yoxsa mən bəzilərinin özünə müxalifət deməsini eyib sayıram. Bəzilərinin özünə müxalifət deməsinə Bakının küçələrində qrildə qızardılan toyuqlar da gülər. Ayıbdır, bu sözü tez-tez işlədib camaatı özünüzə güldürməyin. Kimin separat danışıq apardığını, kimin hansı vasitə ilə parl-amentdə, yaxud başqa vəzifəyə getdiyini hamı yaxşı bilir. Sözləri var, sözlərini desinlər. Camaat kimin kim olduğunu əla bilir. Kimin də nə cür parlamentə düşəcəyini də yaxşı bilirik. Ona görə bu məsələlər də mütləq nəzərə alınmalıdır. Azərbaycan müxalifəti bu seçkilərə gedəcək və xalqın ona verəcəyi səsləri alacaqdır. O səslər nə qədərdirsə, onun haqqını tələb edəcəkdir. Biz əminik ki, bu, kifayət qədərdir. Burada doğru olmayan, haqsız, gülünc, mənasız ittihamlara gərək yoxdur. Heç olmasa, burada bizi hörmətli Siyavuş müəllim ittiham eləsin.
Mən tonlarla deyirəm, o vaxtın qiyməti ilə on milyon-larla, indinin qiyməti ilə isə yüz milyonlarla dollar həcmində vəsait vardı orada. Mən tanıyıram, bəzi deputatlar arvadının nişan üzüyünü aparıb ora veriblər. Ora nişan üzükləri, boyundan çıxarılan boyunbağılar təqdim olunub. Balakən-dən bir Azərbaycan vətəndaşı ora 65 kiloqram yüksək əyarlı qızıl təqdim eləmişdi. Təkcə bir boyunbağının qiyməti bir neçə milyon dollar idi, xüsusi sifarişlə hazırlanmışdı. Hanı onlar? Biz niyə bunu tələb eləmirik? Mən bunu niyə görə tələb elədim? Dünən maliyyə nazirinin ağzından eşitdim və ona görə bu gün bu fikri səsləndirdim. Hesab edirəm ki, bu, mütləq bilinməlidir.
Əlbəttə ki, biz burada başqa məsələləri də tələb eləmişik. Prezidentin göndərdiyi sənədlə bizim qaçqınlara 300 milyon manat pul ayrılıb. Onun böyük bir hissəsi Sabirabadın ərazisində görüləcək işlərə cəlb olunmalıydı. İndi respubli-kada təxminən 5 min 200 adama kompensasiya verilib, onun da yarısını yeyiblər. Mən cəsarətlə deyirəm, 1600 manat ayrılmışdı, amma 400, 800, 1000 manat alıblar. Harada şikayət olubsa, prokurorluq gəlibsə, çıxarıb ciblərindən heç bir sənədə qol çəkdirmədən 100 manat veriblər ki, bunu da aparın xərcləyin. İndi də bu iş davam eləyir. Mənim, digər deputatların qəbuluna yüzlərcə adam gəlib. Biz onların haqqını tələb edirik, kim olur-olsun, cavab versin.
Biz deyirdik ki, ünvanlı sosial yardımı oğurlayırlar. Milli Təhlükəsizlik Nazirliyi Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdirini həbs elədi. Seyfindən nə çıxdı? 1300-ə yaxın pin kod və kart. Onlar bunun otağında nə gəzirdi? Mən rəsmi məlumata istinad edirəm, hər yerdə belədir. Burada lağlağıçılıqla, söz atmaqla, necə deyərlər, məişət səviyyəsindən də aşağı olan səviyyəsiz sözlərlə bu cür şeyləri ört-basdır eləmək mümkün deyildir və mümkün olmayacaqdır. Bu baxımdan da burada olan qanunların mühümlüyünü inkar etməyərək, builki büdcənin müzakirəsində iştirak edəcəyik və öz sözümüzü deyəcəyik.
Mən də sonda burada səslənən fikirlərə, təbriklərə qoşuluram. Burada əksəriyyət namizədliyini verib. Biz indi seçki təşviqatı aparmalı deyilik, ona görə sui-istifadə də eləmək istəmirəm. İqtidarlı, müxalifətli və bitərəf olaraq hamınıza ciddi seçki uğurları, bərabər, vicdanlı rəqabət arzu edirik. Bizim Azərbaycan cəmiyyətinə verə biləcəyimiz budur. Milli Məclis fəaliyyətini davam etdirdiyinə görə, ancaq xüsusi istisna deputatlara verildiyinə görə biz gərək seçki hüquqlarının keşiyində duraq. Mən hesab edirəm, bu hər bir şəxsin borcudur. Məsələn, bu gün bəzi yerlərdə təzyiq edirlər, imzaların toplanması məsələsinə ciddi əngəllər törədirlər. Bunların üzərində təfərrüatı ilə dayanmaq istəmirəm. Hörmətli Oqtay müəllimdən, hörmətli Ziyafət müəllimdən, Bahar xanımdan, Valeh müəllimdən başlayaraq, hesab edirəm ki, YAP da, Müsavat deputat qrupu da daxil olmaqla biz seçicilərin hüquqlarının arxasında ciddi bir şəkildə duracağıq. Mən ümid edirəm ki, az da olsa, bu istiqamətdə müəyyən işlər də görüləcək. İşlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən, Pənah müəllim, Sizin çıxışınıza şərh vermək fikrindən tamamilə uzağam. Amma bir sözünüz tamamilə həqiqətdir ki, ölkənin bugünkü inkişaf səviyyəsini nəzərə alıb, qanunvericilik aktlarına dəyişiklik eləmək lazımdır. Onu düz deyirsiniz. Bir düzgün söz bu oldu. Amma hansı dəyişiklikləri eləyək, onu demədiniz. Ona görə, mən xahiş edirəm, danışanda konkret təkliflərinizi deyin. Başqalarını tənqid edirsiniz ki, səviyyəsiz sözlər, məişət söhbətləri danışırlar. On dəqiqə çıxış elədiniz, bir konkret təklif vermədiniz.
Deyirsiniz ki, Ləl-Cəvahirat Fondunda filan qədər qızıl qoymuşdum. Baş nazir, dövlət katibi işləmisiniz. Gətirin, qoyun ortaya, deyin ki, Ziyafət Əsgərov, bu qədər qızıl vardı, hanı? Görürsünüz, ümumi danışırsınız. Ümumi danışmayın. Ümumi, lağlağı söhbəti özünüz eləyirsiniz, sonra başqalarını səviyyəsizlikdə günahlandırırsınız. Mən sənədlərlə başlasam ki, o ləl-cəvahirat hara gedib, deyəcəksiniz ki, seşkiqabağı Ziyafət müəllim Pənah Hüseynə qarşı “qara piar” aparır. Hər halda bu komissiyanın yaradılması yaxşı təklifdir, çox yaxşı ideyadır. Mən təklif edirəm ki, o komissiya yaradılsın. O komissiya yaransa, Sizin vəziyyətiniz yaxşı olmayacaq, çünki bu işin başında şəxsən Siz, Pənah Hüseyn durmusunuz. Ona görə də danışanda konkret faktlarla danışın.
Biz qanunverici orqanda işləyirik, qanun qəbul edirik. “Mən belə güman edirəm”, “mən arzu edirəm”, bilirsiniz, üzr istəyirəm, bu, poeziya gecəsi deyil. Biz qanunverici, ciddi adamlarıq. Biz Konstitusiya qəbul eləmişik, Seçki Məcəlləsi var. Seçkilərin tam şəkildə ədalətli və şəffaf keçirilməsi üçün çox ciddi məcəllə qəbul eləmişik. Bu, Venesiya komissiyasının ekspertizasından keçib. Necə yəni “arzu edərdim”, “belə gəlir ki”? Vallah, bu, ciddi söhbət deyil.
Siz arzu eləsəniz də, eləməsəniz də, birinci növbədə bu seçkinin məsuliyyətini biz daşıyırıq. O məsuliyyət də bundan ibarətdir ki, seçkilər ədalətli, şəffaf, demokratik şəkildə keçsin və keçənilki seçkilərdən daha yaxşı olsun. Amma Siyavuş müəllim demişkən, Siz artıq indidən başlamısınız deməyə ki, kimlər seçiləcəksə, onlara uğurlar arzulayaq. Seçki hələ olacaq, kim seçiləcək, hələ məlum deyil. Siz Azərbaycan xalqının hüququnu niyə öz adınıza çıxırsınız? Bu, xalqın hüququdur, o seçəcək. Kimi seçəcək, onun öz hüququdur. Mən bilirəm, sizin bəyanatınız da artıq hazırdır. Hansı bəyanatlar sifariş olunub, nə verəcəksiniz, neyləyəcəksiniz məlumdur. Belə şeyləri qurtarın. 20 ildir Siz müxalifətdəsiniz. Vallah, şəxsən məndə artıq belə bir fikir formalaşır ki, heç 20 santimetr irəli gediş yoxdur. Elə köhnə hamam, köhnə tas. Köhnə mahnılar, köhnə köçürmələr. Bir az ədəbiyyat oxumaq, bir az hüquqla məşğul olmaq lazımdır. Konkret faktlarla danışmaq lazımdır. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hesab edirəm ki, Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına nümayəndə verməsi ilə bağlı məktubla müraciət etməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin prinsiplərinə uyğundur. Milli Məclis də buna baxmalı, Mərkəzi Seçki Komissiyası da formalaşmalı və proses bu şəkildə davam etməlidir. Mən dəfələrlə Müsavat Partiyasına da, burada olan dostlarıma da 2006-cı ildən bildirmişəm ki, bütün dönəmlərdə iştirak etməlisiniz və Mərkəzi Seçki Komissiyasına nümayəndə verməlisiniz. Bu mənim mövqeyimdir, mənim baxışımdır. Müsavat Partiyasının baxışı bu olub ki, getmirik, adam vermirik. Amma əgər bu gün – 2010-cu ildə məktubla müraciət ediblərsə, yer tanınmalıdır və orada da boş yer saxlanılıbsa, indiyə qədər bu yer tamamlanmayıbsa, Milli Məclis Müsavat Partiyasının məktubuna baxmalıdır, verdiyi nümayəndələri də təsdiq etməlidir. Hesab edirəm, bu, mübahisəyə səbəb olmamalıdır, Seçki Məcəlləsi bunu şərtləndirir.
Təqdim olunan gündəliyə əlavə və dəyişikliklərlə bağlı fikirlərimi demək istəyirəm. 5 il burada Siyasi partiyalar haqqında qanun layihəsinin yeni variantının Milli Məclisdə müzakirəyə çıxarılmasını istədik. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanuna çox xırda əlavə və dəyişikliklər edilsə də, 1995-ci ilin 12 noyabrında Azərbaycan Konstitusiyası yeni variantda qəbul olunub. Azərbaycan Konstitusiyasına iki dəfə referendumla əlavə və dəyişikliklər edilib. Xeyli sayda qanunvericilik aktları qəbul olunub, yeni qanunlar ortaya çıxıb. Amma nədənsə Siyasi partiyalar haqqında qanun layihəsi müzakirəyə çıxarılmayıb, siyasi partiyaların bir institut kimi formalaşmasında qanunvericilik bazasının, hüquqi bazanın kifayət qədər təkmil forması işlənib hazırlanmayıb. Çox arzu edərdim ki, ya bu seçki dönəmində, qalan müddət ərzində, ya da növbəti çağırışın elə ilk sessiyasında Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyətini, işini tənzimləyən yeni, mükəmməl, Azərbaycan qanunlarına və beynəlxalq standartlara uyğun bir qanun qəbul edilsin. Bu, ilk növbədə Azərbaycan cəmiyyətinin demokratikləşməsi, Azərbaycan cəmiyyətində siyasi partiyanın yeni bir institut kimi formalaşması üçün çox vacib olan qanunlardan biridir. Mən ilk növbədə isə istərdim ki, Siyasi partiyalar haqqında qanun layihəsi payız sessiyasının bugünkü gündəliyində olsun. Çox təəssüflər olsun ki, bu qanun layihəsi yoxdur.
Dəfələrlə mən Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı Milli Məclisə müraciət etmişəm. Hətta mənə təqdim olunan Diffamasiya haqqında qanunu da Milli Məclisə təqdim etmişəm. Azərbaycanın beynəlxalq imici hər bir millət vəkilini, hər bir vətəndaşı, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir partiyanı ciddi şəkildə narahat edir. Çünki səslənən fikirlər, Azərbaycanın adına deyilən sözlər mahiyyət etibarilə Azərbaycan vətəndaşlarının hamısına aiddir. Beynəlxalq hesabatlarda, beynəlxalq təşkilatların rəyində və sairdə Azərbaycan haqqında yazılanları əngəlləmək, söz, mətbuat azadlığının keşiyində daha sadiq dayanan dövlət imici formalaşdırmaq üçün Diffamasiya haqqında qanunun qəbul olunması çox vacibdir. Çox şərtlər səslənir. Deyilir ki, jurnalistlərin yazıları, jurnalistlərin mövqeyi mahiyyət etibarilə sonda gətirib elə vəziyyətə çıxaracaq ki, kimlərsə qanundan kənar addımlar atmağa məcbur olacaq, çünki peşə etikası məsələsini jurnalistlər doğru-dürüst yerinə yetirmirlər. Hesab edirəm ki, Mətbuat Şurası var, onun nəzdində fəaliyyət göstərən qurumlar var. Onlar peşə etikasını doğru-dürüst müəyyən ediblər. Hansı qəzetlər, hansı jurnalistlər bu tələbləri pozacaqlarsa, onların fəaliyyətinə tam şəkildə qadağa qoyula bilər. Artıq onlar reket qəzetlərin adlarını elan edirlər və o qəzetlərin mətbəələrdə çapı qadağan olunur. Amma jurnalist də birmənalı şəkildə bilməlidir ki, dediyi fikrə, mövqeyə görə həbsə düşməməlidir. Mən hesab edirəm, Diffamasiya haqqında qanun da payız sessiyasının gündəliyinə salınmalı idi.
Aztəminatlı ailələrin hüquqlarının müdafiəsi ilə bağlı burada mütəmadi olaraq danışılıb, qanun layihələri təqdim olunub. Amma çox təəssüflər olsun ki, güzəştli sosial yardım alınması istiqamətində bu gün ölkənin istənilən rayonunda çox ciddi problemlər var. Bu problemləri aradan qaldırmaq üçün qanunlara dəyişiklik etmək lazımdırsa, edilməlidir və bunu yumşaldan şərtləri, yaxud da bu şərtlərin yerinə yetirilməsində, icrasında hər hansı bir nəzarət mexanizminin formalaşdırılmasını ciddi şəkildə ortaya qoymaq lazımdır. Vətəndaşlar açıq şəkildə bildirirlər ki, güzəştli sosial yardımı almaq üçün onlardan 6 ayın pulunu rüşvət şəklində əvvəlcədən istəyirlər və geridə qalan 6 ayın pulunu verirlər. Bunu dəfələrlə bütün sferalarda hər kəs deyir. Bu, Milli Məclisdə də deyilir. Bunu yerlərdə kimlər, hansı formada həyata keçirirlər? Bunu durdurmaq mexanizmi necə olmalıdır? Mən hesab edirəm ki, ictimai nəzarət mexanizmini daha yaxşı bərpa etmək və bu sistemdə daha yaxşı mübarizə aparmaq üçün bütün sferaların nümayəndələrini bu prosesə cəlb etmək, açıq bir sistem yaratmaq lazımdır. Vətəndaşlar üçün elə bir sistem formalaşdırılmalıdır ki, istənilən müraciət araşdırıla və sonda öz həllini tapa bilsin. Amma şikayət ediləsi yerlər də nəyə söykənir? Vətəndaş işdən azad olmaqdan tutmuş hər hansı bir problemlə bağlı daha yuxarı instansiyaya şikayət edir. Yuxarıdan da bunu sovet dönəmində olduğu kimi, işdən çıxaranın və yaxud onun hüququnu tapdalayanın üstünə göndərirlər. Dəfələrlə bunun şahidi olmuşuq. Həmin adam yenidən təzyiqlərə məruz qalır. Bu sistemi aradan qaldırmaq lazımdır. Vətəndaşın müraciət etdiyi instansiya məsələni yerində araşdırmalıdır. Əgər aşağı orqanda işləyənlər nazirə, komitə sədrinə, fond sədrinə müraciət ediblərsə, onların yanında bu şikayətləri araşdıran qurum olmalıdır. Daha bunu yerdəkinin üzərinə atıb “yerdəki niyə səndən şikayət yazıb” – deyə onu daha ciddi təzyiqlərə məruz qoymaq olmaz. Bu gün onlarca vətəndaşdan bu tipli məktublar almışam ki, məktubları yuxarıya yazırıq, gəlib aşağıya çıxır. Bu, sovet dönəmindəki şikayət məktublarını xatırladır. Bu məsələyə də ciddi şəkildə əncam çəkmək lazımdır.
Hesab edirəm ki, Milli Məclisə seçkilər 2010-cu ilin ən ciddi hadisələrindən biridir. Yerlərdə, dairə və məntəqələrdə müxalif partiyalardan, bitərəflərdən namizəd olmuş şəxslərin hüquqlarının müdafiəsi, Ziyafət müəllim, bayaq qeyd etdiyiniz kimi, bizdən daha çox sizin üzərinizə düşür. Seçkiyə son anda verilən qiymətə görə siz onları daha çox müdafiə etməlisiniz. Bu istiqamətdə dairələrə, məntəqələrə, yerli icra strukturlarına tapşırıqlar verilsin ki, seçki prosesinə qeyri-qanuni müdaxilələrə son qoysunlar. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal müəllim, mən bu məsələyə bir daha qayıtmaq məcburiyyətindəyəm. Bu yaxınlarda Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları üçün kurslar təşkil olundu. Mən də ora dəvət olunmuşdum və ATƏT-in baş ofisinin rəhbəri də orada idi. Eyni zamanda, Prezident Administrasiyasından da nümayəndələr var idi. Bütün müvafiq orqanlara, konkret olaraq da icra orqanlarına bir daha qəti şəkildə göstəriş verildi ki, seçki prosesinə qatıla bilməzsiniz. Qanun bunu qadağan edir. Kimsə qatılacaqsa, əvvəlki illərdə gördünüz, təbii ki, cəzasını alacaq.
Bu, cəmiyyətdir və cəmiyyət də insanlardan ibarətdir. Ola bilsin, kimsə qanunun tələbini düzgün başa düşmür, ola bilsin, kimsə bu və ya digər dərəcədə subyektiv mülahizədən çıxış edərək seçki prosesinə qarışır. Təbii ki, onlar cəzalandırılacaq və qanuna müvafiq olaraq ya işdən azad olunacaq, ya da cinayət məsuliyyətinə cəlb olunacaq. Amma siz bilin, dövlətin, hökumətin, dövlət başçısının siyasi iradəsi bundan ibarətdir ki, seçki prosesinə heç kim qarışmamalıdır. İnanın, mən bunu tam səmimi deyirəm. Amma siz də bundan sui-istifadə etməyin.
Məsələn, mən namizədliyim irəli sürülən Cənub bölgəsi ilə bağlı deyirəm. Namizəd imza vərəqələrini verir, komissiya baxır və açıq-aşkar görünür ki, bir adam ailəsinin adından 4–5 imza verib. Buna komissiya irad tutanda başlayır ki, mənim sənədlərimi qəbul etmədin. Belə etməyin. Belə də olmaz. 450 imza toplaya bilmirsənsə və bunu bir ailə adından imzalatdırırsansa, seçkidə necə səs toplayacaqsan? Bu da var, İqbal müəllim. Mən başa düşürəm, siz bizdən, iqtidardan tələb edirsiniz. Bəli, bizim borcumuzdur ki, seçkilərin şəffaflığını, demokratikliyini, təhlükəsizliyini təmin edək. Amma sizin də üzərinizə məsuliyyət düşür. Hər xırda detaldan istifadə edib bunu qəzetlərin manşetlərinə çıxarmaq da düzgün deyil. Gəlin, birlikdə kişi kimi seçkilərə gedək və xalq da rahat səsini versin, kimi istəyir, onu da seçsin. Buyurun, Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının qanunvericilik işləri planına təkliflərimi deyəcəyəm. Müsavat deputat qrupunun təkliflərini Pənah Hüseyn səsləndirdi. Mən bir məsələ ilə bağlı təklif verəcəyəm, daha doğrusu, qərarımızı elan edəcəyəm. Ancaq ondan əvvəl deyim ki, çox təəssüflər olsun, bu günə qədər Müsavat deputat qrupunun Milli Məclisə təqdim etdiyi 10-dan artıq qanun layihəsinin və qanun layihələrinə əlavə və dəyişikliklərlə bağlı verdiyi təkliflərin biri də gündəliyə daxil edilməyib. Yaz sessiyasının açılışında mənim Müsavat deputat qrupu adından verdiyim 8 təklifdən biri də bu gün iş planına daxil edilməyib. Mən, Ziyafət müəllim, Sizin dediyiniz kimi, “gəlin birlikdə müşahidə edək”, “nəzarət edək”, “birlikdə iştirak edək” fikirlərinizə davam olaraq deyirəm ki, biz də həmin məqsədlə Müsavat Partiyası olaraq Mərkəzi Seçki Komissiyasına 2 nəfərin namizədliyini təqdim etmişik. Bu başqa bir məsələdir ki, biz bunu 2006-cı ildə yox, bu gün və ya dünən etmişik. Mən həmin qərarı sizin diqqətinizə çatdıracağam. Bu bizim hüququmuzdur, amma çox təəssüf edirəm ki, burada hüquqşünas dostumuz, millət vəkili tamamilə hüquqdan kənar təkliflər səsləndirdi.
Sədrlik edən. Arzu müəllim, mən üzr istəyirəm, o məsələni dediniz, cənab Sədr də münasibət bildirdi. Bu məsələni daha xırdalamağın nə mənası var?
A. Səmədbəyli. Mən millət vəkili hüququmdan istifadə edib millət vəkillərini məlumatlandırmaq istəyirəm və bunu Sizin də diqqətinizə çatdırıram. Siyavuş Novruzov dedi ki, o məktub yetişmədi. Görünür, Siyavuş Novruzovun da xəbəri yoxdur. Məktub yetişib, qeydiyyatdan da keçib. Biz nəyə istinadən vermişik, çox xahiş edirəm, səbrlə dinləyin, diqqətinizə çatdırım.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu komissiya üzvü və əvəzedici komissiya üzvü seçilmək üçün Müsavat Partiyası tərəfindən nümayəndələrin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi haqqında. Müsavat Partiyasının Divanı “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 19.7-ci, 22-ci və 24.3-cü maddələrinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına həlledici səs hüquqlu komissiya üzvü və əvəzedici komissiya üzvü təyin olunmasına dair tələblərini nəzərə almaqla qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu komissiya üzvü seçilmək üçün Müsavat Partiyası tərəfindən 1952-ci il fevralın 24-də Azərbaycan Respublikasının Masallı rayonunun Mollaoba kəndində anadan olmuş, Bakı şəhəri, Nərimanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan, Yasamal rayonu tərəfindən 2003-cü il aprelin 5-də verilmiş şəxsiyyət vəsiqəsinə sahib olan azərbaycanlı, ali təhsilli, fizika-riyaziyyat elmləri namizədi, bitərəf, müvəqqəti işsiz Aslanlı Gülağa Qulam oğlunun, 1951-ci il yanvarın 25-də Azərbaycan Respublikası Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuş, Bakı şəhəri, Dağıstanlı küçəsi, ev 57, mənzil 89 ünvanında yaşayan və 2003-cü il noyabrın 12-də verilmiş şəxsiyyət vəsiqəsinə sahib olan, azərbaycanlı, ali təhsilli, kənd təsərrüfatı elmləri namizədi, bitərəf, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Əli Ənvər Abbas oğlunun namizədlikləri Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici komissiya üzvü seçilmək üçün Müsavat Partiyası tərəfindən 1964-cü il martın 12-də Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Füzuli şəhəri, Natəvan küçəsi...
Sədrlik edən. Arzu müəllim, bu, işlər planına əlavədir, tərcümeyi-haldır, nədir? Mən dedim ki, iş planı ilə əlaqədar danışın. Məktub yazmısınız, baxacaqlar. Bunu dedik də. İndi burada avtobioqrafiya oxumağın nə mənası var?
A. Səmədbəyli. Və 1961-ci il fevralın 6-da Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin Bəkirli küçəsi, ev 15/11 ünvanında yaşayan Azərbaycan Respublikası Milli Məclisi Aparatının deputat köməkçisi işləyən Yaqublu Tofiq Rəşid oğlunun namizədlikləri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilsin. Yəni həmin bu məktub Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədova ünvanlanıb, qeydiyyatdan keçib və mən bunu sizin diqqətinizə çatdırdım.
Bir məsələni də qeyd etmək istəyirəm ki, biz nəyə görə bu zamana qədər öz nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına göndərmədiyimizi dəfələrlə mətbuatda demişik. Amma bu namizədləri göndərsək belə, bizim etdiyimiz tələblər öz qüvvəsində qalır. Yəni Azərbaycandakı Mərkəzi Seçki Komissiyasından tutmuş ta dairə, məntəqə seçki komissiyalarına qədər paritet əsasda hər iki tərəfin etimadını qazanan və yekunu qarşılıqlı iştirak edən tərəflər tərəfindən qəbul olunan komissiyadan keçir. Yəni bizim paritet əsasda formalaşan komissiyalar tələbimiz öz qüvvəsində qalır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Üçüncü çağırış Milli Məclisin sonuncu sessiyasının başlanması münasibətilə mən də hamınızı salamlayıram və uğurlar arzulayıram. Hörmətli Ziyafət müəllim, mən təklif edirəm ki, Sizin də dediyiniz kimi, müzakirələri konkret predmet üzrə aparaq. Məndən öncə 3 müxalifət nümayəndəsi danışdı, heç biri konkret məsələlərdən söhbət açmadı, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planından danışmadı. Hərəsi dağdan, dərədən, öz dərdlərini danışır. Bura kiminsə bioqrafiyasını eşitməyə yığışmamışıq. Müsavat Partiyası harasa bir məktub göndərib və onların bioqrafiyasını bütün Milli Məclis eşitməlidir? Mən düşünürəm ki, konkret əməkdaşlıq etmək istəyən adamlar vaxtında müraciət edə, vaxtında iş görə bilərdilər. İş işdən keçəndən sonra bunların göndərdiyi bu məktub da bir ara qarışdırmaq məqsədi daşıyır. Biz bunu, yəqin ki, yaxın günlərdə görəcəyik.
Mənim deyəcəyim təklif sosial müdafiə ilə bağlıdır. Təklifdən öncə istəyirəm ki, bayaq burada deputat Pənah Hüseynin qaldırdığı tibbi sığorta ilə bağlı bir məlumat verim. Pənah Hüseyn dedi ki, guya Azərbaycanda insanların labüd tibbi analizlər vermək imkanları yoxdur. Tamamilə boş və mənasız sözlər idi. Azərbaycan vətəndaşı bu gün nəinki istənilən səviyyədə tibbi müayinələrdən keçir, həm də təkcə Bakıda yox, hətta Lənkəranda, Zaqatalada, Naxçıvanda artıq qəlb əməliyyatları aparılır, böyrək, qara ciyər köçürülür.
O ki qaldı tibbi sığorta ilə bağlı qanunvericiliyə, görünür, Pənah Hüseynin başı özünün çox ciddi hesab etdiyi işlərə qarışıb, qanundan xəbəri yoxdur. Tibbi sığorta ilə bağlı bütün qanunvericilik sənədləri qəbul olunubdur. Tibbi Sığorta Agentliyi yaradılıbdır. Artıq 3-cü ildir ki, dövlət tərəfindən tibbi sığorta ilə bağlı müəyyən maliyyə vəsaiti ayrılır ki, pilot rayonu olaraq tibbi sığorta tətbiq olunsun. Tibbi sığorta elə-belə balaca bir iş deyil ki, bu gün büdcəyə bir neçə milyard manat vəsait qoyaq və deyək ki, bu işi həyata keçirdik. Onu da bildirmək istəyirəm ki, tibbi sığorta, ümumiyyətlə, insanların səhiyyə problemlərini həll etmək üçün bütöv vasitə deyil. Tibbi sığorta ilə bağlı dünyanın hər yerində müəyyən problemlər var. Dövlət tərəfindən də maliyyələşmə var və özəl maliyyələşmə də. Bu üçü bir yerdə əhalinin sağlamlığını həyata keçirə bilən amillərdəndir.
Biz yay dövründə seçicilərimizlə görüşdük. Seçicilər sosial müdafiənin gücləndirilməsi ilə bağlı Prezidentimizin son sərəncamları ilə əlaqədar olaraq minnətdarlıq edirlər. Bir ay bundan öncə, bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə müavinətlər, pensiyalar, minimum əmək haqqı, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və bu qəbildən olan büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları artırıldı. Bizim seçicilərimiz bunu minnətdarlıq hissi ilə qeyd edirlər.
Sosial müdafiənin davamı olaraq mən təklif edirəm ki, çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qanun qəbul edək. Azərbaycanda, ümumiyyətlə, demoqrafik göstəricilərdə bir problem yoxdur. Ancaq bəzi regionlarda çoxuşaqlı ailələrin sosial müdafiəsini daha da gücləndirmək üçün belə bir qanunun qəbul edilməsi lazımdır. Kommunal və vergi güzəştlərinin, bəzi uşaqların geyim, məktəb ləvazimatı, ərzaq təminatına əlavə yardımlar göstərilməsi, kredit subsidiyalarının alınması, mənzil təminatının yaxşılaşdırılması üçün belə bir qanunun qəbul olunması lazımdır.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Hörmətli cənab Sədr, mən bu təklifi bir neçə dəfə səsləndirmişəm, bizim komitə tərəfindən hazırlanmış Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanunun qəbul edilməsinə də çox ciddi ehtiyac vardır. Bir çox ölkələr bunu qəbul edibdir. Əgər 3 il bundan öncə bu qanunun qəbul edilməsi tez idisə, indi artıq kifayət qədər geniş ictimai rəy, dəstək də yaranıb və tərəfimizdən kifayət qədər ölkələrin təcrübəsi də öyrənilib. Mən xahiş edirəm, bu məsələni də imkan daxilində gündəliyə salasınız.
İndi seçkiqabağı dövrdür. Bundan öncə də, indi də seçicilərlə görüşlərdə əmanətlərin qaytarılması məsələsi tez-tez qaldırılır. Biz bunu, düzdür, tez-tez səsləndirmişik və müxtəlif dövrlərdə hökumət də hesabatında bunu qeyd edibdir, amma düşünürəm ki, bu məsələyə də hər hansı bir şəkildə müəyyən aydınlıq gətirilməsi lazımdır. Ehtiyac varsa, ya bir qanun qəbul olunsun, ya da bu yaxınlarda hökumətin büdcə layihəsi daxil olacaq, Milli Məclis tərəfindən hökumət qarşısında bir məsələ qaldırılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Cənab Sədr, hesab edirəm ki, biz 1-ci məsələyə çox geniş vaxt ayırdıq. Amma əslində, bir neçə deputat həmkarımı çıxmaq şərti ilə payız sessiyasının qanunvericilik işləri planına dair o qədər də sanballı fikirlər söylənilmədi desək, bəlkə də səhv etmərik. Çünki həmin məsələ ilə əlaqədar lazım olan təkliflər irəli sürülmədi. Burada deputat həmkarlarım Rəqabət Məcəlləsinin üçüncü oxunuşu barədə danışdılar, Vahid Əhmədov təhsil krediti haqqında qanun qəbul edilməsi məsələsini irəli sürdü. Bunların hamısı lazımlıdır. Amma bəzən elə təkliflər də irəli sürülür ki, o qanun var. Musa müəllim məndən əvvəl çox gözəl dedi, məcəllələr var. Yəni qanunvericilik təminatı tamamilə ödənilmişdir, təmin edilmişdir. Bu, efirdən də səsləndirilir.
Mən hesab edirəm ki, həmin fikirləri söyləyənlər Milli Məclisin 5 illik fəaliyyəti dövründə və ondan əvvəl qəbul olunan qanunlar, eləcə də görülən işlər barədə tam şəkildə xəbərləri olmadıqlarına görə belə şeyləri söyləyirlər. Diqqətlə nəzərdən keçirildikdə görünür ki, son illər qanunvericiliyimizdə boşluqlar tamamilə azdır.
Bir çox qanunların təkmilləşdirilməsinə, əlavə və dəyişikliklərin edilməsinə böyük ehtiyac vardır. Burada deyildi ki, “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilib. O qanuna baxılması, əlavə və dəyişikliklər edilməsi ümumi ictimai-siyasi baxımdan cəmiyyət üçün, dövlət üçün, beynəlxalq yanaşmalar üçün olduqca məqsədəuyğun olardı.
Cənab Sədr, mən bir məsələni də qeyd edim. Bizim komitənin iclasında da, burada da deyildi ki, təhsil krediti barədə qanun olduqca məqsədəuyğundur, çünki təhsil sistemində ödənişlərin tənzimlənməsi məsələsinə indi böyük ehtiyac vardır. Misal üçün, elə özəl ali təhsil müəssisəsi var ki, orada ödəniş digərlərindən 2 dəfəyə qədər fərqlənir. Yəni bu, tənzimlənmir, mən bu fikirlə razıyam.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm, hörmətli həmkarlarım bunu təsdiqləyərlər. 2003-cü ildə biz “Tənzimlənən qiymətlər haqqında” Qanun qəbul etdik. O qanunda tariflərin tənzimlənməsi, eləcə də təhsil ödənişləri tariflərinin tənzimlənməsi məsələsi vardır. Qanun qəbul olunduqdan sonra ulu öndər tərəfindən imzalandı, “Azərbaycan” qəzetində də dərc olundu. Lakin müvafiq səlahiyyətli insanlar, vəzifə sahibləri tərəfindən o qanunun tətbiqi ilə əlaqədar müəyyən addımlar atılmadığına görə bu gün belə problemlər ortaya çıxır. Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkə Prezidenti tərəfindən təsdiq olunub mətbuatda dərc olunursa, ona etimadsızlıq və laqeydsizlik göstərən insanlar bizim tərəfimizdən bilinməlidir. Soruşulmalıdır ki, nə üçün ulu öndərin imzaladığı qanun mətbuatda dərc olunduqdan sonra onun tətbiqi ilə əlaqədar müvafiq addımlar atılmayıb?
Cənab Sədr, elə məsələlər vardır ki, əgər o qanunun tətbiqi ilə əlaqədar bu və ya digər tədbirlər görülsə idi, bu gün təhsil krediti barədə hər hansı bir kiçik qanunun hazırlanması təklifi irəli sürülməzdi və ona ehtiyac olmazdı. Mən hesab edirəm ki, gələcəkdə iş planında bu məsələlər nəzərə alınmalıdır. Qanunvericilik işləri planımız məqsədəuyğundur və hesab edirəm ki, bunların da qəbul edilməsi Azərbaycanda qanunvericilik təminatının daha da canlanmasına böyük təsir göstərə bilər. Mən də deputat olmaq arzusunda olan bütün namizədlərə uğurlar və parlamentimizə bu sessiyada nailiyyətlər arzulayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən çıxışımın əvvəlində də dedim ki, bu, ən qısa, bir aylıq sessiyadır. Ona görə biz çalışmışıq ki, qanunvericilik işləri planındakı bu layihələrə baxa bilək. Nəzərinizə çatdırım ki, büdcə artıq Prezident tərəfindən imzalanıb, Milli Məclisə daxil olub. Ən azı 3 iclas yalnız büdcəyə həsr olunacaq. Yəni istəyirəm ki, bunların hamısını nəzərə alasınız. Görürəm ki, 5 nəfər millət vəkili də çıxış edəcək. Biz fikirləşib bu iş planını elə müəyyənləşdirmişik ki, bunları bu bir aya çatdıra bilək. Əli Məsimli buyursun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, xanımlar, cənablar! Hamını salamlayıram. Payız sessiyasının qanunvericilik işləri planına kifayət qədər sanballı qanunlar daxil edilib. Təkcə tikinti, şəhərsalma və gömrük məcəllələrini qeyd etmək kifayətdir. Bununla yanaşı, burada qeyd olunduğu kimi, 2011-ci ilin büdcəsi də müzakirə olunacaq. Eyni zamanda, mən Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini xüsusi qeyd etmək istərdim. Bu qanunun qəbul edilməsi kənd təsərrüfatında islahatların dərinləşməsinin, bəlkə də yeni mərhələsinin başlanmasının hüquqi bazası kimi çıxış edə bilər.
Bu sənədlərin içərisində operativ surətdə baxılmalı olanı 2011-ci ilin büdcəsi və ona daxil olan sənədlərdir. Bununla əlaqədar olaraq bir məqamı xüsusi vurğulamaq istəyirəm. Qlobal maliyyə-iqtisadi böhranından sonra artıq Azərbaycan büdcəsinin makroiqtisadi göstəricilərə sinxronlaşdırılmış artımı başlayıb. Bu, əvvəlki illərdəki 70–80 faiz artımlı büdcə yox, makroiqtisadi göstəricilərin artım səviyyəsinə uyğunlaşdırılmış bir büdcə olacaq. Bu nöqteyi-nəzərdən büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqdan ötrü iki məqama diqqət yetirilməsini vacib hesab edirəm.
Birinci Dövlət maliyyə nəzarəti haqqında qanunun qəbulunun sürətləndirilməsi məsələsidir. İkincisi isə böhrandan sonra iqtisadi fəallığı artırmaqdan ötrü, Oqtay müəllim, biz bir paket irəli sürdük. Mən yenə də Sizə təşəkkür edirəm ki, bunu əlaqədar təşkilatlara göndərdiniz. Əlaqədar təşkilatlara da təşəkkür edirəm ki, müsbət cavab verildi. Söhbət nədən gedir? Bu, əlavə dəyər vergisinin tədricən 18 faizdən 14 faizə, mənfəət vergisinin 20 faizdən 18 faizə endirilməsi idi. Eyni zamanda, vergi yükünün azaldılması istiqamətində vacib hesab etdiyim məsələ ondan ibarət idi ki, fiziki şəxslərdən gəlir vergisini 35 faizdən 25 faizə endirilsin. 30 faizə endirilib, yenə də bizim təklifimiz qüvvədə qalır. Onun yuxarı həddinin 2 min manatdan 3 min manata qaldırılması və verginin minimum əmək haqqından yox, yaşayış minimumundan tətbiq edilməsinə başlanılması, eyni zamanda, sadələşdirilmiş verginin dairəsinin genişləndirilməsi kifayət qədər ədalətli və orijinal təkliflərdir. 2011-ci ilin büdcəsi müzakirə olunan zaman bu təkliflərin bir hissəsi həmin paketə daxil olsa, qabaqcadan təşəkkür etmiş olaram.
İkinci, “Təhsil haqqında” Qanunun qəbul edilməsi model qanun kimi bir sıra yeni qanunların qəbul edilməsinə yol açıb. Artıq Ali təhsil haqqında qanun var. Hesab edirəm ki, bu, təhsil sahəsində islahatların dərinləşdirilməsi istiqamətində növbəti addım olacaq.
Bir də, Vahid müəllim çıxışında dedi, biz Təhsil kreditləri haqqında qanun layihəsi hazırlayıb təqdim etmişik. Bu bir tərəfdən onunla əlaqədardır ki, nəinki özəl ali məktəblərdə, artıq dövlət ali məktəblərində pullu təhsil pulsuz təhsili üstələyib, 55 faizdən çoxdur. İkinci, orta əmək haqqının 300 manat ətrafında olduğu bir dövrdə 2 min, 3 min manatlıq təhsil haqqı hər ailənin yükü deyil. Bu nöqteyi-nəzərdən aztəminatlı ailələrin də keyfiyyətli təhsil alması üçün təhsil kreditlərinə ehtiyac var. Bu qanun kifayət qədər ədalətli bir formada, mexanizm əsasında hazırlanıb. Bunu da sessiyaların birinin gündəliyinə salınmasını vacib hesab edirəm.
Üçüncü, hörmətli deputat həmkarım Cəmil müəllim batmış əmanətlərlə bağlı qanun layihəsini xatırlatdı. Qeyd etmək istəyirəm ki, bu qanun layihəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bizim tərəfimizdən hazırlanıb təqdim edilib. Sadəcə, onun da baxılması və prosedurdan keçməsi üçün çox güman ki, zamana ehtiyacı olacaq. Yəni məlumat vermək istəyirəm ki, bu da diqqətdən kənarda qalmayıb, Milli Məclis tərəfindən belə bir qanun layihəsi hazırlanıb. İşlər planında qanun layihələrinin sayı 12 olsa da, payız sessiyasında baxılacaq sənədlər, mən deyərdim, kifayət qədər yaradıcı diskussiyaya səbəb olacaq və tikinti, şəhərsalma, gömrük, elm, təhsil sahələrində hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində sanballı bir addım olacaq. Bu işdə bütün deputat həmkarlarıma faydalı iş əmsalı və uğurlu fəaliyyət arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Həqiqətən, payız sessiyası üçün iş planımız çox zəngindir. Ancaq məndən qabaq çıxış edən hörmətli həmkarlarım yeni qanunlar barədə dedilər. Gəlin, hər şeyə reallıqdan baxaq. Çünki bugünkü gündəliklə bağlı, doğrudan da, bizim iki günlük iclasımız var. Bizim yeni namizədliyimizlə əlaqədar olaraq vaxt məhdudiyyəti də var. Yəni reallıq bundan ibarətdir.
Hörmətli cənab Sədr, hörmətli həmkarım Ziyad müəllimlə də danışmışam. Mənim fikrim ondan ibarətdir ki, payız sessiyası üçün təqdim olunan qanunlardan ən vacib olanı büdcədir. Çünki büdcə təkcə Milli Məclisin plenar iclasında yox, komitələrdə də müzakirə olunmalıdır. Ona görə də büdcə bizə nə qədər tez gəlsə, bir o qədər yaxşı olar, çünki oxuyub tanış ola bilərik. Bunu komitələrdə müzakirə etmək, plenar iclasa təqdim etmək, yəqin ki, bu, xeyli vaxt aparmış olacaq. Mən hesab edirəm ki, payız sessiyasının qanunvericilik işləri planı yüksək səviyyədə tərtib olunub, onu müdafiə edirəm. Oqtay müəllim, xahiş edirəm, həmkarlarımızın elə bir vacib sözü yoxdursa, bu sənədi səsə qoyaq. Bununla əlaqədar, elə bilirəm, çox da fikir söyləməyə ehtiyac yoxdur. Çox sağ olun.
Sədrlik edən. Yazılan millət vəkillərindən təkid edən varmı? Bahar Muradova, buyurun.
B. Muradova. Mən də təkid edənlərdən biri kimi bir neçə kəlmə demək istəyirəm. Hörmətli millət vəkilləri, məndən əvvəl söylənilən bütün fikirlərə qoşulur, qarşıdakı siyasi kampaniyada Azərbaycan dövlətinə, onun vətəndaşlarına uğurlar arzulayıram. Bunu hər birimizin fərdi, şəxsi və yaxud kollektiv uğuru yox, ümumilikdə Azərbaycan dövlətinin uğuru kimi yüksək dəyərləndirir və kampaniyanın müsbət nəticələrlə bitəcəyinə inanıram.
Qanunvericilik işləri planına daxil olan məsələlər ətrafında diskussiyalar getdi. Mən Oqtay müəllimin fikirlərini dəstəkləyərək söyləmək istəyirəm ki, plana məhz real iş imkanları, qarşıdakı vaxt və zaman nəzərə alınaraq qanunvericilik sənədləri daxil edilibdir. Çox güman ki, bunlar müzakirə zamanı mübahisə doğurmayacaqdır.
Bizim əsas məqsədimiz işimizi optimal plan ətrafında düzgün qurmaqdan ibarət olacaqdır. Çıxışlarda səslənən bir çox fikirlərin budəfəki yox, qarşıdakı sessiyalarda qanunvericilik işləri planına daxil edilməsinin mən də tərəfdarıyam, çünki bir çox məsələlər var ki, onlar qanuni həllini gözləyir.
Əli Məsimli əmanətlərin qaytarılması məsələsini yenə qeyd etdi. Son vaxtlarda həm ictimai müzakirələrdə, həm də digər imkan dairələrində ictimaiyyətin və insanların diqqəti daha çox bu istiqamətə yönəlir. Hər bir dövlət öz vətəndaşı qarşısında olan borcunu sona qədər yerinə yetirmək və o borcu qaytarmaq istiqamətində addımlar atmalıdır. Bütün müzakirələr zamanı Azərbaycan vətəndaşı belə düşünür ki, bu vacib məsələ yalnız Milli Məclisdən asılıdır. Milli Məclis istədiyi təqdirdə əmanətlər qaytarılacaq, istəmədiyi təqdirdə qaytarılmayacaq. Çox zaman da ədalətsiz və haqsız olaraq millət vəkillərinə ünvanlanmış təhqirlərlə üzləşirik. Bu da əsas məsələdən diqqəti yayındırır. Əmanətlərin qaytarılması, əlbəttə, bizim dövlətin qarşısında dayanan bir vəzifədir. Milli Məclisin də, şübhəsiz, iştirak payı var. Düşünmək lazımdır ki, hökumət müvafiq təklifləri ortaya qoyandan sonra Milli Məclis onları müzakirə edib ən optimal variantı verə bilən bir qurumdur. Mən çox istərdim ki, istər televiziya ekranlarında, istərsə də mətbuat orqanlarında məsələyə ədalətli və optimal yanaşma olsun ki, ictimaiyyətdə çaşqınlıq yaranmasın.
Burada bir sıra, xüsusilə siyasi partiyalar haqqında qanunla bağlı məsələnin plana daxil edilməsinə dair təkliflər oldu. Mən də onun tərəfdarıyam ki, siyasi partiyalar haqqında qanuna baxılmalıdır. Düşünürəm ki, siyasi partiyalar haqqında qanun layihəsi qanunvericilik işləri planına yalnız növbəti seçkilər başa çatdıqdan və Azərbaycanda siyasi qüvvələr balansı müəyyənləşdirdikdən sonra mümkün ola bilər. Ona görə də çox yaxın bir müddətdə, yəqin ki, biz ən azı IV çağırış qış sessiyasında bu məsələyə baxa bilərik. Bu zaman həm yeni qüvvələr balansını nəzərə almalıyıq, həm də siyasi partiyaların dövlətlə, ictimaiyyətlə, öz üzvləri ilə münasibətləri necə tənzimləməsi bizim üçün aydınlaşmalıdır. Yalnız bu halda yeni qanun layihəsini işləyib hazırlamalıyıq. Mən düşünürəm ki, həm Milli Məclisin komitələrində, həm də digər sahələrdə bununla bağlı təkliflər toplandıqdan, bir araya gətirildikdən sonra ümumi bir nəticəyə gəlmək olar.
Bir sıra fikirlər səsləndiyi, qanunvericilik işləri planı bütövlükdə məqbul hesab edildiyi üçün onun üzərində çox dayanmaq istəmirəm. Seçki orqanlarının formatı ilə bağlı burada səslənən fikrə münasibətimi bir daha bildirmək istəyirəm.
Arzu Səmədbəyli Müsavat Partiyasının müraciətini oxudu. Mənə fasilədə Seyidəhmədli kəndindən olan nümayəndənin kimliyini desəniz, mənim üçün çox maraqlı olardı. Seyidəhmədli kəndindən olan şəxslərin Mərkəzi Seçki Komissiyasında iştirakını və deyilənləri İqbal müəllim təsdiq edər. Onun nə dərəcədə güclü müzakirələr təşkil edəcəyinə çalışmasını da indidən təxmini bilirəm. Siz söyləyirsiniz ki, yalnız paritet əsasda qarşılıqlı inam ola bilər. Eyni zamanda, şikayət edirsiniz ki, burada Müsavat Partiyasının müraciətinə adekvat olmayan münasibət vardır. Elə bunun özü indiki təqdirdə Müsavat Partiyasının nümayəndələrində inamın hələ olmadığını göstərir. Tutduğunuz mövqe, qarşılıqlı inamın olmadığından şikayətlənməyiniz, Mərkəzi Seçki Komissiyasında müvafiq qurumların fəaliyyətinə inamsızlığın olacağını söyləməyiniz sizin özünüzə xas fəaliyyətinizdən doğur.
Mən bir daha qeyd etmək istəyirəm ki, əgər azlıqda olan qüvvələr olaraq bizə inanmırsınızsa, onda çoxluq da sizə inanmır. Ona görə də çoxluğun və daha çox siyasi partiyaların, siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə yaranmış qurumların fəaliyyətinə sizin inamsızlıq formalaşdırmağınız yersizdir. Burada müxalifət və digər partiyalara mənsub olan millət vəkillərinin səsləndirdiyi fikirlərə tənqidi yanaşanda, fəaliyyətinizə də bir balaca nəzər yetirməyiniz vacibdir. Addımlarınızı elə atmalısınız ki, cəmiyyətin sizə inamı olsun və söylədiyiniz fikirlərin, həqiqətən də, səmimiliyinə insanlarda şübhə yeri qalmasın.
Seçkinin nəticələrinin, ümumiyyətlə, seçkinin keçirilməsinin məsuliyyəti tam iqtidarın üzərindədir. Bütövlükdə ölkədə gedən proseslərə iqtidar cavabdehdir. Seçki prosesində hər bir fərdin özünün də məsuliyyəti var. Qanun hər bir fərdin vəzifəsini, hüquq və səlahiyyətlərini müəyyən edir. Ona görə heç kəs, heç bir seçici öz üzərinə düşən məsuliyyəti gərək başqalarının boynuna yükləməsin.
İqtidar seçkinin demokratik keçirilməsində nə qədər cavabdehdirsə, müxalifət partiyaları, ictimai qurumlar, vətəndaşlar da o dərəcədə məsuliyyət daşıyırlar. Hər kəs qanunla ona ayrılmış səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməli, vəzifəsini, borcunu sona qədər yerinə yetirməlidir. Yalnız belə olduğu təqdirdə, bəli, arzuladığımız demokratik, azad, şəffaf, hər kəsin nəticələri ilə hesablaşdığı bir seçkini keçirə bilərik. Mən belə bir seçkinin keçirilməsi üçün qarşıda hamıya, o cümlədən millət vəkillərinə bu parlament seçkilərində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva. Amma xahiş edirəm, bir az yığcam danışın.
Q. Paşayeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əslində, mən gündəliklə bağlı bir məsələni çox qısa şəkildə qaldıracaqdım. Bunu məndən əvvəl hörmətli Hadi müəllim də vurğuladı. Siz də vurğuladınız ki, qrafik çox gərgindir. Mən xahiş edəcəkdim ki, bu sessiya çərçivəsində Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı məsələyə baxaq.
Ailə Məcəlləsinə dəyişikliklər üzərində artıq neçə zamandır ki, komitələrimizdə işlər gedir. Bu dəyişiklik çox zəruridir. Məsələ barədə icraedici qurumlar da düşünür. Söhbət ondan gedir ki, erkən nikahlarla daha effektli mübarizə istiqamətində dəyişikliklər aparılsın. Eyni zamanda, bir çox ciddi problemlər – xəstəliklər var ki, onlara qarşı da mübarizə aparmaq lazımdır. Söhbət sayı sürətlə artan irsi qan xəstəliklərindən gedir. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti hörmətli həmkarımız Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən gənclər, uşaqlarla bağlı çox ciddi proqramlar həyata keçirir. Təbii ki, say artdığı zaman ciddi problemlər də ortaya çıxır.
Həmkarlarımın bəziləri tərəfindən belə arqumentlər səslənir ki, bir sıra Avropa ölkələrində bu cür yanaşma o qədər də məqbul sayılmır. Nəzərə almalıyıq ki, Avropa ölkələrində bizimki qədər qohum nikahlar olmur. Nikaha girən zaman könüllü şəkildə bir-birimizdən tibbi arayış da istəmirik. Bu, çox təəssüf ki, bizim üçün xoş olmayan bir xüsusiyyətdir.
Ailə Məcəlləsində əmlak məsələlərinin tənzimlənməsi baxımından da boşluqlar var. Həmkarlarım təsdiqləyərlər ki, bu gün parlamentdə bizi ən çox çıxılmaz vəziyyətdə qoyan şikayətlər boşanmalar zamanı əmlakın bölüşdürülməsinə dair mübahisələr haqqındadır. Qanunla məhkəmənin işinə müdaxilə edə bilmirik, insanlar da çıxılmaz vəziyyətə düşüb bizdən bu məsələ ilə əlaqədar kömək istəyirlər. Bu problemlərin azalması istiqamətində iş görməyə ehtiyac var.
Hörmətli Oqtay müəllim, mən çox istərdim ki, bunun üzərində uzun zaman iş gedirsə, yəni artıq konkret olaraq komitələrimizdə təkliflər, fikirlər varsa, məcəlləyə baxmağımız və onda dəyişikliklər etməyimiz yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də qanunvericiliklə bağlı bir neçə fikrimi söyləməmişdən qabaq bəzi məsələləri xatırlatmaq istəyirəm. Bəzən qanun qəbul edənlərin özlərinin qanunla bağlı verdikləri şərhdən görünür ki, onların müvafiq sənəddən məlumatları yoxdur. Azərbaycan Respublikasının Seçki Məcəlləsi var. Mən burada qorxmadan, çəkinmədən bəyan edirəm ki, onu nəzəri, praktiki cəhətdən yaxşı bilən on adamdan biri də mənəm. Odur ki, həmkarlarıma bəzi məsələləri xatırlatmaq istəyirəm.
24-cü maddədə Mərkəzi Seçki Komissiyasının yaradılması qaydasında göstərilir ki, bu komissiyanın 18 nəfərdən ibarət üzvü olmalıdır. Bu, hələlik 5 il üçün nəzərdə tutulub. Gələcəkdə parlament formalaşanda partiyalara nə qədər yer verməsi orada yazılır. 24.3-cü maddədə “Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluğu təşkil edən, 6 üzvü heç bir siyasi partiyanı təmsil etməyən, 6 üzvü isə Milli Məclisdə azlığı təşkil edən...” fikri öz əksini tapıbdır. Burada Müsavat Partiyasının adı harada yazılıb? Yazılıb ki, “azlığı təmsil edən”. Azlığı təmsil edən 3, 5, 7 və 10 da ola bilər. Burada məgər ad yazılıb, buna xüsusi yer təyin olunub? Bu, Azərbaycan iqtidarının bilavasitə demokratikliyidir ki, hörmət əlaməti olaraq onlara yer saxlayıb. Yəni onu Ana Vətən, Böyük Quruluş, yaxud da Sabir müəllimin, Asim müəllimin partiyası da təyin edə bilər. Müsavat Partiyası istəmirsə, istəməsin. Bunun hüququ Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilib, onun divanında yox. Hər hansı bir məsələdən onu bilib, sonra danışmaq lazımdır. Bu, məsələnin birinci tərəfi.
Məsələnin ikinci tərəfi seçki komissiyasının fəaliyyətindəki iştirakla bağlıdır. Azərbaycan cəmiyyəti bunun şahididir ki, dəfələrlə Müsavat Partiyasından seçki komissiyasında iştirak edənlər oradan çıxandan sonra belə bəyanatlar veriblər. Qəzetləri qaldırıb baxsaq, görərik ki, bu, partiya üzvlərini hansı işlərə vadar edir. Onları daim ədaləti qorumağa, qanunu müdafiə etməyə yox, qanunsuzluğa yol verməyə, haqqı, ədaləti pozmağa yönəldirlər.
Müsavat Partiyasını təmsil edənlərdən katib işləyənləri, Mərkəzi Seçki Komissiyasına rəhbərlik edənləri də olubdur. Mən keçən dəfə də Məclisdə Vidadi Mahmudovun çıxışlarını qeyd elədim. O deyir ki, məni Allahsızlığa vadar etməyin. İndi hamısını biz görmüşük, bilirik və bunlar barədə məlumatımız var. Bunun üstündən bir il, iki il keçsə də belə məsələlər ört-basdır olunmur.
Seçkilərlə bağlı fikirlərinizi aramsız bəyan eləməyinizə baxmayaraq, bu gün dairələrin yarısından çoxuna hələ sənədlərinizi təqdim eləməmisiniz. Dairə sədrlərinə, Mərkəzi Seçki Komissiyasına böhtan atmaqla məşğulsunuz. Üç-beş adamın sənədini belə təqdim eləməmisiniz. Hələ indiyə qədər qeydiyyatdan keçəniniz də yoxdur. Kimə maneçilik törədilir? “450 nəfərin imzası”, “İnzibati metodlardan istifadə edirlər” ifadələri dilimizdən düşmür. İnzibati metoddan istifadə yox, xahiş, müraciət edirik. Lazımdır, təqdim edin, qanuni imza toplamaq baxımından sizə də kömək edək. Biz bunu istəyirik. Gəlin qeydiyyatdan keçib mübarizəyə qoşulaq və qələbəmizi sizə sübut edək. Bu cür metodlar, çıxışlar, fikirlər və namizədlərə böhtan atmaqla hara qədər getmək olar?
450 imzadır, bunu da yığa bilmirsinizsə, 42 min seçicinin səsini necə ala biləcəksiniz? Hər şey aydındır. İndidən bunun üstünə niyə kölgə salırsınız? Azərbaycan dövləti bütün ölkələrdən müşahidəçilər dəvət edibdir. Siz də gəlin, qoy səs veriləcək məntəqələrin hamısında xarici müşahidəçilər də dursunlar. Buna razıyıq və bilirik ki, ədalətli qələbə çalacağıq. Heç olmasa, Allah xatirinə onda deyin ki, seçim ədalətli oldu.
Həqiqəti etiraf edin, etiraf böyüklüyün əlamətidir. Böhtan atmayın, şər danışmayın. İrəli sürdüyünüz namizədlərlə bizimkiləri tərəzinin gözlərinə qoyun, baxın. Azərbaycan cəmiyyəti bunu bilir, siz də yaxşı görür və inanırsınız. Etiraf edin ki, gücünüz də, namizədiniz də çatmır. Saraya 50–60 adam doldurub deyirsiniz ki, AXCP 600 nəfər yığdı, nə bilim, filan oldu. Orada bütün partiyaların nümayəndələri oturub. Azərbaycanda müxalifəti təmsil edən cəmi 600 nəfər ya ola, ya da olmaya. Gəncə təşkilatında bizim 24 min, Bakının Yasamal rayon təşkilatında 22 min partiya üzvümüz var deyəndə nəyi qabartmaq istəyirsiniz? Bilirsiniz, seçki prosesində demokratiyanın təmin olunmasına, azad, ədalətli seçkinin keçirilməsinə Azərbaycan iqtidarı, Prezidentimiz, xalqımız, dövlətimiz tərəfdar olub, bundan sonra da olacaq. Xahiş edirik, siz də tərəfdar olun, çalışın, addım atın, doğru fikir söyləyin.
Seçki başlamayıb, – faktla danışıram, – Rauf Arifoğlu 24-cü dairəyə şəkillərini yapışdırıb ki, buradan namizədliyim irəli sürüldü. Diski də, başqa sənədləri də var. Seçki təbliğatı başlamayıbsa, bu adam hansı əsasla indidən qanunu pozur? Yox bir, “dahi şəxsiyyət” namizədliyini irəli sürüb! Guya tapılmayan, ələ düşməyən bir namizəddir və bundan camaatı xəbərdar edir. Hamı bilir ki, şəklin vurulma vaxtı var. Təbliğat-təşviqat kampaniyası oktyabrın 15-dən sonra olur və ondan sonra davam edir.
Bilirsiniz, hər bir şeyin qayda-qanunu var. Mən qanunvericiliyin tərəfdarıyam. Burada ikinci məsələ Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Oqtay müəllim, əgər mümkündürsə, biz onu da səsə qoyaq, qəbul edək. Fasilədən sonra qalan işlərimizə baxarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa. İkram İsrafil, gözləyin. Çıxış edənlər qurtaran kimi tez düyməni basırsınız, olmadı da. Buyurun, Fazil müəllim.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də qanunvericilik planı ilə bağlı bir-iki məsələyə toxunmaq istəyirəm. Payçılarla əlaqədar tikinti sektorunda qanunvericiliyin təkmilləşdirilməsi və onların hüquqlarının qorunması istiqamətində konkret addımların atılması vacibdir. Hələ də çox insan hüquqlarının pozulmasından əziyyət çəkir.
Mən, “Siyasi partiyalar haqqında” Qanunda da var, siyasi partiya nümayəndələrindən ibarət müəyyən bir qrupun bu parlamentin varisi kimi Milli Məclisin növbəti çağırışında təmsil olunmasını təklif edirəm. “Siyasi partiyalar haqqında” Qanunun daha mükəmməl, bütün tərəfləri qane edəcək və Azərbaycanda çoxpartiyalılığın inkişafına gətirib çıxara biləcək bir səviyyədə olması, onda hamının mövqeyinin nəzərə alınması üçün onda əlavə və dəyişikliklərə ehtiyac var. Qanunvericilik planında bunun yer almasını məqsədəuyğun sayıram.
Burada səslənən bir-iki məsələyə də qısaca münasibətimi bildirmək istəyirəm. Mən deputat həmkarım İqbal Ağazadənin çıxışına qulaq asandan sonra, açığı, təəssüfümü bildirmək istəyirəm. O, mətbuatda gedən çıxışlarında Müsavat Partiyasının MSK-ya nümayəndə təqdim eləməsi ilə bağlı tamamilə başqa arqumentlər gətirmişdi və həmin fikirləri Milli Məclis də dəstəkləyir. Hörmətli İqbal bəyə bir şeyi də xatırlatmaq istəyirəm ki, 2008-ci ilin referendumu ərəfəsində daxil olduğu hərəkatla bağlı Müsavat Partiyası tərəfindən ona qarşı tələb irəli sürülmüşdü ki, əgər sən MSK-ya adam göndərəcəksənsə, ya bu hərəkatdan çıxmalısan, ya da o dağılacaqdır. Doğrudan da, nümayəndə göndərəndən sonra hərəkat dağıldı. İndi bu adamın belə bir tezisi müdafiə etməsi təəssüf doğurur.
Digər bir məsələni, polemika üçün yox, bir fakt olaraq diqqətinizə çatdırmaq istərdim. Müxalifətçiliklə bağlı hörmətli Pənah bəy çıxış elədi. Ümumiyyətlə, bizdə qəribə bir meyil var. Azərbaycanın xaricində heç kim müxalifətdə olmağı ilə fəxr eləmir. Biz yeganə ölkəyik ki, məsələn, deyək ki, bir şəxs antikvar adam kimi 15, 20, 30, 40 il müxalifətdə qalmağı ilə fəxr edir. Bəlkə cənab Prezidentdən xahiş edək, buna sevinən, bundan rahatlıq tapanlar üçün “Əməkdar müxalifətçi” medalı təsis eləsin. Böyük Quruluş Partiyası müxalifətdə olmaqla fəxr eləmir, istəyir hakimiyyətə tərəf gəlsin.
Neçə illərdir, müxalifət Azərbaycan mətbuatında səsləndirir ki, ayrı-ayrı sahələrdə “inhisar”, “monopoliya” deyilən amillər var. Ən böyük monopoliya, inhisar müxalifətdədir. Bir qrup adam özünə Molla Nəsrəddinin çəkdiyi çəpər kimi əhatə etdiyi dairədən kənara çıxmır, hələ üstəlik, fəxrlə başqalarını ittiham eləməklə də məşğul olur, onları müəyyən mənada səviyyəsizlikdə, yaxud da hansısa bir münasibətdə ittiham eləyir. Məndən əvvəl deputat həmkarım Siyavuş Novruzov qanunun müddəalarını oxudu. Əgər YAP-ın təmsilçisinin təklifi ağıllı, ağlabatan, doğru təklifdirsə, mən müxalifətəmsə, onu pisləməliyəm? Doğru deyirsə, mən bunu təsdiq eləməliyəm də. Bunun hakimiyyətə bağlılığa, ona yaxınlığa heç bir aidiyyəti yoxdur. Səhvdirsə, burada çıxış eləyəcəyəm ki, filan müddəanı düz demədi.
Mən hesab edirəm ki, deputat həmkarlarını, ümumiyyətlə, səviyyə məsələsini bu cür gündəmə gətirən insanlar fikirləşməlidirlər ki, müxalifətçilik də bir mədəniyyətdir. Burada sözü atılıb-düşmədən, qışqırıqsız, hay-küysüz də məntiqli, ağıllı şəkildə çatdırmaq olar. O zaman Yeni Azərbaycan Partiyasından olan çoxluq onu ən azı ürəyində qəbul edər və sənin onu doğru söylədiyini deyər. Hay-küy, qışqırıq, mədəniyyətsizlik nümayiş etdirmək, əslində, müxalifəti hörmətdən salmaqdan başqa bir şey deyildir. Ona görə bu deyiliş dəyişməlidir.
Bu gün “Yeni Müsavat” qəzetindən danışdılar. Həmişə seçki yaxınlaşanda ən kəskin mövqe tutan adamların onun səhifələrində məqalələri çıxır. Onların prinsipləri hər şeyi qiymətdən salmaq, irad tutmaqdır.
Lalə-Şövkət – Liberal Partiyasının sədri parlamentə gəlməkdən imtina elədi. Yaxşıdır, doğrudur, səhvdir, mən bunu qiymətləndirmirəm, amma bir il, iki il keçəndən sonra öz “dost”larına görə gəlməkdən imtina edir. Ona görə ki, iki il keçəndən sonra onu eləmişdilər haranınsa “casusu”. Cinahınızdan olan insanlara edilən bu səviyyəsiz münasibətin, onlara qarşı bu cür hərəkətlərin sonu, görürsünüz də, nəyə gətirib çıxarıb?
Müxalifət hakimiyyətə gəlmək uğrunda cəmiyyətin dəstəyini alaraq, mədəni bir üslub ortaya qoyaraq bu hüququ qazanmalıdır. Necə olur ki, xalq dəstəkləyir, 15 il, 18 il bu adamlar hakimiyyətə gələ bilmirlər. Ola bilməz ki, xalqın böyük çoxluğu dəstəkləsin, məsələ isə alınmasın. Bu kimi işlərdə gücü çatmayan, zəif, aşağı səviyyəli, mədəniyyəti, dünyagörüşü məhdud olanların başqalarını ittiham eləməyə, onlara qara yaxmağa haqqı yoxdur. YAP-ın siyahısı dərc olunanda, bəzilərinin adlarını çıxarıb yaxın dostlarını o siyahıda göstərmək, hədəf göstərmək ki, “YAP filankəsləri dəstəkləyir”, bu, heç bir mənəvi dəyərlərə sığmır.
Biz münasibətlərimizi, yenə deyirəm, gizlətmədən ifadə edirik və Azərbaycan cəmiyyətində həqiqətən də müxalifətin qanunla tənzimlənən yerinin olmasını arzulayırıq. İstəyirik ki, parlamentdə müxalifət fraksiyası, müxalifət qrupu təmsil olunsun və onların da sözü eşidilsin. Bunu açıqca dilə gətiririk. Biz haradasa durub ancaq söyüşlə, hansısa təhqirlə, kimi isə aşağılamaqla müxalifətçilik eləməliyik? Siz hansısa meyarları müəyyən eləmisiniz və düşüncə anlamında bir dəyər ortaya qoymusunuz ki, biz ondan uzaq gedirik? Parlamentə düşmək əgər mənəviyyatsızlıqdırsa, 1995, 2000, 2005-ci illərdə siz də düşmüsünüz, belədirsə, mənəviyyatsızlığı üstünüzə götürürsünüzmü? Götürürsünüzsə, imtina edin. Mən misal çəkib dedim ki, Lalə-Şövkətin qüdrəti çatdı, imtina etdi. Onu eləmirsinizsə, eləməyə kişiliyiniz çatmırsa, öz şəxsiyyətinə hörmət edən adamları təhqir etməyin. Mən də Pənah bəyin bu açıqlamasına qəti etiraz edirəm.
Həqiqətən, çox təəssüfləndim. Dəxli yoxdur, münasibətlər hamısı öz yerində, amma məsələyə başqalarına bu cür böhtan ataraq, “Yeni Müsavat” qəzeti kimi müxtəlif bir kurs apararaq, “yalnız dostlarım və qalanlar hakimiyyətə yaxındır” anlayışı ilə yanaşmaq olmaz. Hakimiyyət də Azərbaycan xalqınındır, müxalifət də. Hakimiyyətin də islahatlara getməsi üçün ağıllı müxalifət olmağınız lazımdır. Sən sözü ağılla desən, hakimiyyət də bu islahata gedəcək. Onu xariclə, o biri ilə qorxudacaqsansa, mən hesab edirəm ki, hakimiyyət də heç bir addım atmayacaqdır. Əgər bu gün ölkədə bir sıra sahələrdə köklü islahatlar getmirsə, demokratikləşmə bizi qane edən səviyyədə deyilsə, bunun bir günahı da Azərbaycan müxalifətinin üzərinə düşür. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bir şeyi söyləyim ki, mən də o sözü demək istəmirdim. Ancaq xalqın seçdiyi parlamentə, onun üzvlərinə “mənəviyyatsız” damğasını vuranların özləri mənəviyyatsızdırlar. Bunu heç təkrarlamaq da lazım deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, sən 15 dəqiqə çıxış eləmisən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənə “mənəviyyatsız” demirlər. Sənin başqanının qəzetdə yazdığından danışırlar. İsa Qəmbər, yaxud hansısa sizin partiyanın rəhbəri, qəzetin özü çıxış edir, deputatlara “mənəviyyatsız” damğası vururlar. Söhbət bundan gedir. Hamı oxuyub görür ki, ağzına gələni yazırlar. Mənim bir arzum var, indi də, gələcəkdə də, heç olmasa, bu parlament seçkilərinə gedənlərin yüksək dəyərləri olsun ki, qara piardan əl çəksinlər, kişi kimi mübarizə aparsınlar. Hələ heç seçkilər başlamayıb...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə dayan. Seçkilər başlamamışdan qəzeti oxuyursan, üzr istəyirəm, adamın iyrənməyi gəlir. Belə olmaz axı! Biz oturmuşuq, bizə xalq, camaat baxır. Hər kəs öz fikrini normal söyləsin, təhqirlərdən əl çəksin. Burada bir şey deyirlər, qəzetdə başqa şey yazırlar, kənarda da tamam başqa şey danışırlar. Belə olmaz axı!
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Düz deyirsən, çayxanada da ayrı cür deyirlər. İkram İsrafil, təkid edirsən? Buyurun, amma, xahiş edirəm, qısa, yığcam olsun.
İ. İsrafil. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də həmkarlarımı payız sessiyasının başlanması münasibətilə təbrik edirəm, bu seçkilərdə hər birimizə, bütün millət vəkillərinə uğurlar, demokratik mübarizədə qələbə arzu edirəm. Açığı, Oqtay müəllim, Siz də qeyd elədiniz, mən də söz almaq istəmirdim, amma hörmətli Siyavuş müəllimin, Fazil Mustafanın çıxışından sonra bir neçə cümlə ilə fikrimi demək istəyirəm. Səhər-səhər bu “qızıl fondu” barədə az da olsa danışıldı.
Düz iyirmi il bundan öncə Xalq Cəbhəsi hakimiyyətdə olanda, ondan bəri nələr baş verdiyini deyirik, onlara alternativ cavablar veririk, təkliflər edirik. Bu məsələ artıq insanlarımızda, cəmiyyətimizdə bir ikrah hissi yaradıb. İyirmi ildən sonra biz iqtisadi inkişafdan, ölkəmizin demokratik cəmiyyətlərə qovuşmasından, insanlarımızın həyat səviyyəsinin yaxşılaşmasından, bu istiqamətdə əmək sərf eləməyimizdən danışırıq. Amma yenə də deyirik ki, filankəs o vaxt filan şey apardı, filankəs filan şeyi belə elədi. Bu məsələlərə son qoymağın zamanıdır. Mən hesab edirəm ki, bunu elə birinci növbədə iqtidar nümayəndələri eləməlidirlər.
Müsavat Partiyası Azərbaycanın bir nömrəli müxalif və Milli Məclisdə azlıqda təmsil olunan partiyalarından biridir. Bunu burada əyləşən bütün Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri bilir, bəlkə də dillərində etiraf etməsələr də, qəlblərindən keçirir, təsdiq edirlər. O cümlədən bu həqiqət Azərbaycan ictimaiyyətinə və cəmiyyətinə də bəllidir.
Bir neçə illər əvvəl biz nümayəndələrimizi göndərməmişiksə, bu bizim partiyamızın haqqı, hüququ olub. Hansısa səbəblərdən göndərmədiyimizi indi müzakirəyə çıxarsaq, biz də başqa cavablar verə bilərik. Ölkəmizdə keçiriləcək seçkilərdə bütün beynəlxalq təşkilatların, cəmiyyətlərin demokratik baxışlarının formalaşmasına nail olmaq istəyirik. Belədirsə, bu gün azlıqda təmsil olunan Müsavat Partiyasının MSK-ya göndərdiyi nümayəndələr Milli Məclisdə təsdiq olunsun, nümayəndələrimizi göndərək. Müxalifətdə olan digər siyasi partiyalar da Müsavat Partiyasının bu mövqeyini dəstəkləyib, alqışlayıbdır. Ümid edir və əmin olmaq istəyirəm ki, Milli Məclisin rəhbərliyi, hakimiyyət nümayəndələri məsələyə ciddi yanaşacaq, MSK-da və digər komissiyalarda bizim təmsilçiliyimizə şərait yaradacaqlar. Bunu 7 noyabrda keçiriləcək seçkilərə bütün müxalifətin, o cümlədən Müsavat Partiyasının verəcəyi qiymətin bəlkə də bir neçə faizi kimi qiymətləndirmək olar.
Fazil Mustafa, mən bilmirəm daha kimlər çıxışlarında ləyaqətə, şəxsiyyətə toxunan ifadələr işlədiblər. Mən burada bizim 2005-ci ildə parlamentə gəlməklə hansısa bir ləyaqətsiz, ya şərəfsiz addım atmağımızı deməsini Fazil Mustafaya, onun həqiqi əxlaqına yaraşdırmıram, çünki o fikirlərdən mən özümə də bir pay götürürəm.
Fazil Mustafa, mən Sizdən xahiş edirəm, fikirlərinizə, ifadələrinizə diqqət edəsiniz. Müxalifət kimdir, onu Azərbaycan xalqı, respublikanın siyasi hakimiyyəti bilir. Bunu heç kəsin tribunadan deməklə özünü Azərbaycanda müxalifət elan eləməsi mümkün deyil. Mən özüm də müxalifətdə olmaqdan şərəf duyuram.
2005-ci ildə 16 namizədin içərisində lider olmuşam. “Bütün dairələrdə mənim dairəmdəki kimi seçkilər keçiriləcəyi təqdirdə Azərbaycan bütün dünyanın ən demokratik ölkələrindən biri ola bilər” demişəm. Ona görə ki, 16 alternativin 16-sı da gəlib məni qələbə münasibətilə təbrik edib. Mən ən az, 3000 səslə qələbə çalan bir insan olmuşam. Çünki seçkinin nəticələri məhz bunu göstərir ki, insanların 30–35 faizi seçkiyə gəlib, onun da 19 faizə yaxını mənə səs verib. Yəni belə bir seçkinin Azərbaycanda keçirilməsinə hər kəs – istər müxalifət, istərsə də iqtidar çalışmalıdır. Ölkəmizin beynəlxalq imicinə ziyan gətirməsinə, istər iqtidardan, istərsə də müxalifətdən imkan verməyə, hesab edirəm ki, heç kəsin haqqı və hüququ yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ ol. Mən etiraz eləmirəm, şərəf duyduğun müxalifətçiyə həmişə qismət olsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planına münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 108
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, əgər etiraz eləmirsinizsə, ikinci məsələyə də baxaq, bu, Konstitusiya Qanunudur. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Mən, sadəcə, yada salmaq istəyirəm ki, biz Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı Konstitusiya Qanununu müzakirə eləmişik. Bu məsələ əsas etibarilə Azərbaycan Konstitusiyasında referendum yolu ilə həyata keçirilmiş əlavə və dəyişikliklərdən doğur. Burada, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətləri ilə bağlı olan məsələlərlə əlaqədar bir neçə texniki düzəliş etmək lazım gəlir. Parlamentdə geniş müzakirə olunan, səsə qoyulub qəbul edilən Konstitusiyamızın proseduruna görə Azərbaycanın Milli Məclisində də ikinci səsvermə keçirilməlidir. Millət vəkillərindən səsvermədə diqqətli olmalarını xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, Konstitusiya Qanunudur, diqqətli olaq. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 111
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, tənəffüsdən sonra vaxtında gələk, çünki 14 saziş var, onları keçirməliyik. Sağ olun.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, gündəliyin davamına keçirik. Gündəliyin növbəti üç məsələsi eyni məzmunlu sazişlərdir. Əgər etiraz yoxdursa, Səməd Seyidov üçünü də bir yerdə təqdim etsin. Sonra ayrılıqda hər birini səsə qoyarıq. Buyurun, Səməd müəllim.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, hörmətli Sədr, sizin təklifinizə görə də minnətdaram. Doğrudan da, eyni istiqamətli, eyni fəlsəfəni əks etdirən məsələlərdir. Azərbaycan Respublikasının xarici əlaqələrinin tanınmasını, nüfuzunun, yerinin və təsiretmə qabiliyyətinin artmasını birbaşa əks etdirən qanunlardır. Xüsusilə, hörmətli millət vəkilləri, mən əvvəlcə sizin diqqətinizi Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında Sazişə cəlb etmək istəyirəm. Bütün dünyada, o cümlədən Avropada böyük iqtisadi problemlər yaşanan bir dövrdür. Avstriya Avropanın inkişaf etmiş ölkələrindən biri olsa belə, iqtisadi cəhətdən çox böyük problemlər içərisindədir. Müxtəlif ölkələrdə öz səfirliklərini də bağlamışdır. Avstriya Federal Hökuməti Azərbaycanda öz səfirliyinin açılması ilə bağlı qərar vermişdir. Nazirin özü və Xarici İşlər Nazirliyinin nümayəndəsi “Azərbaycan strateji partnyorumuz, bizim üçün xüsusi əhəmiyyət daşıyan ölkədir” sözlərini səsləndirərək o səfirliyin açılmasında iştirak etmişlər. Bu, təsadüf deyildir.
Son zamanlar görürük ki, Avropada, dünyada yerləşən ölkələr Azərbaycanla əlaqələrini nəinki genişləndirməyə çalışır, eyni zamanda, təşəbbüs göstərərək vizaları aradan götürmək istəyirlər. Ona görə ki, onlar Azərbaycanın gücünü, imkanını, ən əsası, inkişaf potensialını görürlər. Bu gün Azərbaycan nə dərəcədə iqtisadi gücə malikdirsə, sabah, birisi gün onun yüz, min qat artacağı gözlənilir. Sazişlərin qəbul olunması Azərbaycan və həmin ölkələr üçün həm iqtisadi, həm də başqa sahələrdə mühüm əhəmiyyət kəsb edir.
Hörmətli millət vəkilləri! “Azərbaycan Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Sazişdə diplomatik, xidməti və ümumvətəndaş pasportlara malik olan şəxslər” ifadəsi, ola bilsin, sizdə sual doğursun. Axı, Azərbaycan Respublikasının diplomatik, xidməti və ümumvətəndaş pasportu var. Bu, sizdə heç də təəccüb doğurmasın, sadəcə, bizim partnyorumuz, yəni Misir Ərəb Respublikasında belə tipli pasportlar Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların bizim diplomatik və xidməti pasportlarla ekvivalentdir. Bizim Azərbaycan Respublikası ilə bu hökumət arasında diplomatik və xidməti pasportların vizasız gediş-gəlişi təşkil olunur və bu problem öz həllini tapır.
Bizim komitədə hər üç məsələ müzakirə edilmiş, onlara birmənalı müsbət fikir bildirilmişdir. Hörmətli millət vəkilləri, hər üç sazişə münasibətinizi bildirməyinizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqədar bir məsələni mən də diqqətinizə çatdırım. Orada yalnız diplomatik pasportlar var, xidməti pasport söhbəti yoxdur. Onlar bilirlər bu nədir. Xahiş edirəm, Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında Sazişin təsdiq edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Sazişə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Misir Ərəb Respublikası Hökuməti ilə imzalanan Sazişə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsi barədə. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Bu Konvensiya 2008-ci ilin noyabr ayında Kişinyov şəhərində imzalanıb. Qeyd etməliyəm ki, həm Azərbaycan, həm də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan digər dövlətlər üçün əhəmiyyətli hüquqi sənəddir. Reallıq bundan ibarətdir ki, həm Azərbaycan, həm də digər respublikalarda vətəndaşlığı olmayan, daimi yaşamayan, amma iş fəaliyyəti ilə bağlı əməkçi miqrantlar mövcuddur. Bizə, Azərbaycana gələnlər çoxdur, çünki bura iqtisadi baxımdan sürətlə inkişaf edir. Azərbaycanlılar da var ki, digər MDB respublikalarında əmək fəaliyyəti ilə məşğuldurlar.
Əhalimizin hüquqlarının qorunması baxımından konvensiya hər bir tərəf üçün əhəmiyyətli sayılır. Ona Azərbaycan 4-cü maddəyə münasibətdə qeyd-şərtlə qoşulub. Söhbət əməkçi miqrantlar üçün qoyula bilən məhdudiyyətlərdən gedir. Konvensiya bu məhdudiyyətləri nəzərdə tuta bilər, amma hesab edirəm ki, Azərbaycan tərəfi bu konvensiyanı imzalayarkən, çox doğru olaraq, qeyd-şərt irəli sürüb. Onun mahiyyəti ondan ibarətdir ki, əməkçi miqrantlara münasibətdə hər hansı məhdudiyyətlər nəzərdə tutulursa, bu, beynəlxalq hüquqda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının müdafiəsi səviyyəsində olan həmin şərtlərə gətirib çıxarmasın. Yəni Azərbaycan prinsip etibarilə məhdudiyyətlərlə razılaşır, amma onlar hər bir vətəndaşın beynəlxalq hüquqda, misal üçün, Birləşmiş Millətlər Təşkilatının bununla bağlı Konvensiyasında nəzərdə tutulmuş insan hüquqları və azadlıqlarını məhdudlaşdırırsa, onu qəbul etməyəcək. Beləliklə, beynəlxalq hüququn verdiyi müdafiə imkanından bizim əməkçi miqrantlar da istifadə etmiş olacaqlar. Bütövlükdə isə, bu, real həyatımızı əks etdirir və ona qoşulmağın, hesab edirəm ki, çox müsbət nəticələri olar.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Çox təşəkkür edirəm, cənab Sədr, hörmətli millət vəkilləri! Mənim kiçik qeydim var. İlk növbədə artıq xroniki hal almış bu tərcümələrin keyfiyyətsizliyini qeyd etmək istəyirəm. Bəzi cümlələr aydın deyil, amma bunun haqqında, məncə, danışmağa ehtiyac yoxdur.
Bu, əhəmiyyətli bir sənəddir, mən onun lehinə səs verəcəyəm. Niyə səs verəcəyəm? Bir məsələyə, istəyirəm, diqqətinizi cəlb eləyim. Rusiya, Ukrayna və digər ölkələrdə yaşayıb işləyən milyonlarla Azərbaycan vətəndaşının hüquqlarının qorunması bizim dövlət üçün vacibdir. İlk dəfə Tacikistanla Rusiya arasında belə bir müqavilə imzalandı. Təxminən həmin sənədin ruhu burada da hiss olunur. Amma bilirsiniz ki, Gürcüstan MDB-dən çıxıbdır və qanun ora şamil olunmur. Əlbəttə, onlar buna qoşulmayacaqlar. Gürcüstandan Azərbaycan Respublikasına əməkçi miqrantlar çox gəlir və onların statusu bu gün çox qeyri-müəyyəndir. Bizə onlarla, yüzlərlə müraciət olur, hətta elə paradoksal hallara rast gəlirik ki, adam onlara təəccüb eləyir. Bəlkə sizə də müraciət eləyiblər.
Bir adam vardı, onun çox israrlı xahişindən sonra məktubunu qəbul elədik. Bu, Topçiyeva adlı bir vətəndaşın məktubudur. Miqrasiya idarəsindən onu məcbur edərək şərt qoyublar ki, Gürcüstan Respublikasının vətəndaşlığından çıxşın, ondan sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul oluna bilər. Çox normal bir haldır.
Xanım yazır ki, biz çıxdıq, oğlumu əsgər apardılar. Oğlum əsgərliyini yerinə yetirəndən sonra da işimiz uzanır. Deyirlər ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edin. Bu, adi bir nümunədir və belə hallar çoxdur. Çox qəribə işdir, vətəndaşlığı olmayan adamı əsgəri xidmətə aparırlar. Məncə, Gürcüstandan gələn miqrantların statusu ilə bağlı hüquqi sənədə də ehtiyac var.
Sədrlik edən. Nə bilirsiniz, bəlkə o adam azərbaycanlıdır, gəlib özü könüllü istəyib və əsgər gedibdir. Bunu öyrənmək lazımdır. Yəni bu sənədlərin hamısını öyrənmək lazımdır. Birdən götürüb vətəndaşlıq vermək mümkün deyil ki? Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Bu, hər halda Azərbaycan və qonşu ölkələr üçün xeyirli bir sənəddir. Müəyyən zərurət və ya ehtiyac üzündən qonşu ölkələrə gedən adamlara nə qədər normal şərait yaradılsa, o qədər yaxşıdır. Fürsətdən istifadə edib mən də narahatlığımı, əlimdə olan bir məlumatı çatdırmaq istəyirəm.
Son vaxtlar Azərbaycanda tikinti işlərinin genişlənməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən minlərlə sayda əmək miqrantları, işçilər gətirilir və burada müəyyən sahələrdə onların əməyindən istifadə olunur. Çox təəssüf ki, bu insanların bir hissəsi, ümumiyyətlə, qeydiyyata alınmır. Bir hissəsi sanki gizli işləyir. Halbuki onları gətirən təşkilatların müəyyən öhdəlikləri var. Burada vergi məsələsindən başlamış, təhlükəsizlik məsələləri, əmək müqaviləsinin bağlanması və başqa öhdəliklər var. Əmək müqaviləsi olmadan bu adamlar işlədilir və onlara kifayət qədər, bəzilərinə isə daha yaxşı əmək haqqı verilir. Belə olan halda həmin işləri görə biləcək Azərbaycan vətəndaşları iş axtara-axtara qalıblar. Başa düşürük, müəyyən peşələr var ki, ora mütəxəssislər cəlb olunurlar, amma Azərbaycan vətəndaşı orada, heç olmasa, qara fəhlə kimi işləyə bilər.
Bəzi müəssisələr bizim vətəndaşımıza qara fəhləliyi də artıq bilirlər və özümüzünküləri işlətməkdənsə, kənardan adam gətirirlər. Həm də bunu bəzən qanundankənar edirlər. Yaxşı olar ki, miqrasiya ilə məşğul olan idarələr bu məsələləri nəzarətə götürsünlər. Aydınlaşdırılsın ki, bu insanlar haradan, hansı ölkələrdən, hansı qanunlar daxilində, hansı əmək müqavilələri ilə gəlirlər. Bu barədə cəmiyyət arasında həddən artıq çox söz-söhbətlər var. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa fikir söyləyən yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.21 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair” Sazişin təsdiq edilməsi haqqında”. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə versəydiniz, 7 və 8-ci məsələ ilə əlaqədar məlumatı diqqətinizə çatdırardım. Hər iki məsələ hava nəqliyyatı ilə bağlıdır. Ona görə də hər iki məsələ haqqında məlumat verərdim, sonra səsə qoyardıq.
Bilirsiniz ki, Azərbaycan Respublikasının Hökuməti Avropa Birliyi ilə əməkdaşlığı inkişaf etdirir. Artıq sosial-iqtisadi həyatın bir çox sahələrində irəliləyişlər göz qabağındadır. Bu əlaqələrlə bağlı qanunvericilik bazası təkmilləşdirilir. Təqdim edilən qanun layihəsi də Avropa Birliyinə üzv olan dövlətlər arasında hava xidmətlərinin tənzimlənməsinə yönəldilmişdir. Qanun layihəsində Avropa Birliyinin tövsiyəsi ondan ibarətdir ki, əgər Azərbaycan Respublikası bu sazişə qoşularsa, onda üçüncü ölkə tərəfindən qəbul olunmuş qanunlar Avropa Birliyinin qanunlarına zidd olmamalıdır. Eləcə də sərbəst şirkətlərin daxil olması imkanlarına məhdudiyyət qoyulmamalıdır. Ümumiyyətlə, bu qanun layihəsində uçuşların təhlükəsizliyi, gömrük tutumu, vergi siyasəti ilə əlaqədar maddələr də nəzərdə tutulmuşdur.
Digər bir qanun layihəsi “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədədir. Bilirsiniz ki, son illərdə Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq genişlənir. Artıq hava nəqliyyatı haqqında sazişin təsdiq edilməsi bu münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Yəni qanun layihəsində müəyyən standart maddələr nəzərdə tutulmuşdur. Bu barədə də biz digər ölkələrlə sazişlər bağlanması haqqında müvafiq qanunlar qəbul etmişik. Millət vəkillərindən xahiş edərdik ki, bu qanun layihələrinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə – “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Birliyi arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair” Sazişin təsdiq olunmasına münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.24 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq olunmasına münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.25 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 9-cu məsələ Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlıdır. Buyurun, Səməd Seyidov.
S. Seyidov. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin 2010-cu il iyunun 3-də Bakı şəhərində imzalanmış Birgə Bəyannaməsi sizin nəzərinizə və təsdiqinizə təqdim olunub. Sənəd bir neçə nöqteyi-nəzərdən bizim üçün çox vacib və əhəmiyyətli sənəd kimi qiymətləndirilməlidir. Birinci, Belarus Avropanın mərkəzində yerləşən ölkələrdən biridir. İkinci, Belarus–Azərbaycan münasibətləri xüsusilə son illər çox yüksək səviyyədə təşkil olunur, inkişaf etdirilir və bu münasibətlər Azərbaycanın və Belarus xalqının bütün maraqlarına cavab verir.
Bu gün Azərbaycan və Belarus münasibətlərinin iqtisadi, siyasi və başqa cəhətləri digər ölkələr üçün nümunə ola bilər. Nəzərə alsaq ki, Azərbaycan Belarusu, Belarus isə Azərbaycanı bütün beynəlxalq təşkilatlarda dəstəkləyir və dəstəkləmək istiqamətində siyasət aparır, belə bir bəyannamənin qəbul olunması çox vacib və əhəmiyyətlidir. Bu bəyannamənin hər bir bəndində Azərbaycanın maraqları öz əksini tapmışdır. Bəyannamədə Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq qanunlar əsasında həll olunması birmənalı şəkildə öz əksini tapmışdır. Belə bir bəyannamənin qəbul olunması çox vacib və çox əhəmiyyətli məsələdir. Ona görə də biz komitədə bu məsələni birmənalı dəstəkləyərək sizdən xahiş edirik ki, bəyannaməyə öz müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.27 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli həmkarım Səməd müəllim ətraflı danışdı. Azərbaycan–Belarus münasibətləri bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə də çox intensiv inkişaf edir, əmtəə dövriyyəsi artır, müştərək müəssisələr yaradılır, artıq Belarusun Azərbaycanda yaratdığı Gəncə traktor zavodu bu gün Azərbaycan iqtisadiyyatı inkişafının ən bariz nümunələrindən biridir. Qanun layihəsində investisiyaların, sərmayələrin daha geniş şəkildə təşviqi və qarşılıqlı qorunması məsələsi öz əksini tapmışdır. Hesab edirəm ki, millət vəkilləri bu qanun layihəsinə də müsbət münasibət bəsləməlidirlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.29 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqındadır. Buyurun, Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, Oqtay müəllim. Təqdim olunmuş Birgə Bəyanat bizim üçün çox vacib və böyük əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirilməlidir. Yalnız ona görə yox ki, bir Avropa ölkəsi ilə Azərbaycan münasibətlərini yüksək səviyyədə təsdiq edərək birgə bəyanat verir, Serbiya Avropada Balkan ölkələri içərisində ən inkişaf etmiş ölkələrdən biridir. Yox. Bunlarla yanaşı, Azərbaycan–Serbiya münasibətləri ilə bağlı Birgə Bəyanat Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu, gücünü və təsir etmə qabiliyyətini göstərən bir sənəddir. Niyə? Ona görə ki, Azərbaycan–Serbiya münasibətləri beynəlxalq səviyyədə və dünya tərəfindən qəbul edilmiş prinsiplər əsasında təşkil olunmuşdur.
Hamıya bəllidir ki, Serbiyanın ən ağrılı problemi Kosova məsələsidir. Hamıya bəllidir ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsidir. Siz bəyanata diqqətlə baxsanız görərsiniz ki, bu sənəddə Serbiya Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünün BMT və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər əsasında tanınması ilə bağlı öz imzasını qoymuşdur. Bu çox vacib bir məsələdir. Ona görə ki, bəzi ölkələr bu məsələdə başqa mövqedən çıxış edirlər. Azərbaycan öz mövqeyini hətta belə çətin məsələlərdə də dünya ictimaiyyətinə birmənalı şəkildə göstərdi. Bu bəyanat həm adı çəkilən ölkə ilə münasibətləri inkişaf etdirmək istiqamətində imzalanan, həm də Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu, gücünü və təsiretmə qabiliyyətini göstərən bir sənəddir. Ona görə də biz komitədə bu sənədin qəbul olunmasına birmənalı “hə” demişik. Mən həmkarlarımdan bu sənədi təsdiqləməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.32 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 12 və 14-cü məsələlər bir problemlə bağlıdır. İcazə versəydiniz, hər ikisi haqqında fikirlərimi deyərdim, sonra səsə qoyardıq. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında siyasi istiqamətdə əməkdaşlığın müsbət cəhətləri, əhəmiyyəti barədə hörmətli həmkarım Səməd Seyidov danışdı.
Təbii ki, iqtisadi əməkdaşlığı gücləndirmək üçün ən vacib amillərdən biri gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasıdır. Bu məsələ də Azərbaycan Hökuməti və Serbiya Hökuməti tərəfindən diqqətlə araşdırılmış və müvafiq standartlara, Azərbaycanın, eləcə də Serbiyanın milli maraqlarına, beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən bir Konvensiya imzalanmışdır. Ona görə millət vəkillərindən xahiş edirəm ki, bu məsələyə də müsbət münasibət bildirsinlər. Azərbaycan artıq çoxsaylı ölkələrlə bu kimi sazişlər bağlamışdır. Həmin sazişlərin əhəmiyyətini, Azərbaycan iqtisadiyyatı üçün vacib bir şərt olduğunu artıq hiss edirik. Millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.34 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən Sizə və millət vəkillərinə minnətdaram ki, biz bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatını təsdiq etdik. Bu bəyanatdan irəli gələn məsələlər əməkdaşlığı yüksək səviyyədə təşkil etmək, qurmaqdır. Əməkdaşlığı yüksək səviyyədə təşkil edərkən məhz bu bəyanatın fəlsəfəsi ortaya gəlib.
Təqdim edilən sənəd iki ölkə arasında diplomatik və xidməti/rəsmi pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişdir. Niyə xidməti/rəsmi? Mən artıq bu məsələni izah etmişdim. Biz xarici işlər nazirinin müavini hörmətli Vaqif Sadıqovla da bu məsələni araşdırmışıq. Bu məsələdə hansısa bir çətinlik və problem yoxdur. Sadəcə, Serbiya tərəfi xidməti pasportları “rəsmi pasportlar” adlandırır. Faktiki, bu sazişə əsasən diplomatik və xidməti pasportlara malik olan şəxslər vizadan azad edilirlər. Bu bizim ölkələr arasında münasibətləri yeni müstəviyə qaldırır, əlaqələrimizi genişləndirir. Avropa ölkəsi olan Serbiya ilə bu cür münasibətlər başqa ölkələrlə, Avstriya, Fransa ilə də vizanın ləğv olunmasına gətirib çıxarır. Təbii, biz bunun lehinəyik və hamınızı da bu sənədin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.35 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Yenə də hörmətli həmkarım Səməd Seyidova istinad edirəm. Yəni strateji, siyasi sahədə əməkdaşlıq haqqında bəyannamə iqtisadi sahədə də əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaratmışdır. Ona görə də təqdim edilən, 2010-cu il may ayının 13-də Bakıda imzalanmış 13 maddədən ibarət bu sazişdə ticarət və iqtisadi əməkdaşlıq sahəsində münasibətlərin formalaşdırılması istiqamətində tələb olunan şərtlər öz əksini tapmışdır. Artıq bu sazişin imzalanmasından 3 ay keçib, bu da öz müsbət nəticələrini göstərir. Hesab edirik ki, Milli Məclisin üzvləri də bu sazişə öz müsbət münasibətlərini bildirərlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətlərini bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən bu Saziş haqqında geniş danışmaq istəmirəm. Artıq məlum oldu ki, Azərbaycanla Serbiya Respublikası arasında paket sənədlər imzalanıb. Bunlardan da biri cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlıdır. Bütün sahələr üzrə sazişlər imzalanıb. Bu Saziş isə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığa aiddir. Saziş komitədə müzakirə olunub və hesab edirəm ki, parlament tərəfindən də dəstəklənəcək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, “Azərbaycan Respublikası Hökuməti və Finlandiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Ziyad Səmədzadə məlumat verəcək.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası gömrük sistemi sahəsində çoxsaylı beynəlxalq sazişlərə qoşulmuşdur. Yüz otuzdan artıq ölkə ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın da hüquqi bazası ildən-ilə möhkəmlənir. Finlandiya şimalda yerləşən ölkələrdən biridir. Son illərdə bu ölkə ilə əməkdaşlıq genişlənir. Lakin belə bir sazişin olmaması bir sıra maneçiliklər törədir. Sazişdə hər iki tərəfdən qanunvericiliyin pozulması hallarının birgə aradan qaldırılması, transmilli cinayətkarlığın qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi, hər iki ölkənin milli maraqlarına zidd olan hallara yol verilməməsi istiqamətində konkret müddəalar nəzərdə tutulmuşdur. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.41 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bugünkü gündəlikdə olan saziş və müqavilələrlə bağlı məsələləri bitirdik. İndi keçirik növbəti məsələyə. Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqındadır. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən burada konkret olaraq yeni redaksiyanın üzərində dayanmaq istəyirəm. Artıq qeyd etdiyiniz kimi, 5-ci maddənin birinci hissəsi yeni redaksiyada yazıldığına görə köhnə müddəa qüvvədən düşür. Amma edilən dəyişikliyin üzərində dayanmaq istəyirəm. Arayışda prinsip etibarı ilə aydın verilib, siz bununla tanışsınız. Məsələ burasındadır ki, xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən şəxslərə verilir. Həmin şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı, daha dəqiq desəm, hazırda Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Mövcud qanunda isə ancaq subyektlər sadalanırdı. Yəni belə demək mümkündürsə, Nazirlər Kabinetinin siyahısı ilə müəyyən edilən bu şəxslərin konkret olaraq qanunvericilik bazası yoxdur. Yeni redaksiyada “siyahısı müvafiq icra orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə” xidməti pasport verilməsi nəzərdə tutulur.
Eyni zamanda, burada bir yenilik də var. Söhbət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının da bu siyahıya əlavə olunmasından gedir. Yəni onlara da xidməti pasportların verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, onlar da bizim həmkarlarımızdırlar, belə bir pasporta malik olmalıdırlar. Ümidvaram ki, Azərbaycan Milli Məclisi də bu dəyişikliyi dəstəkləyəcək. Dəyişikliklər bundan ibarətdir. Sizdən səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, əgər sualınız yoxdursa, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, Konsul Nizamnaməsi 1994-cü il tarixli qanunla təsdiq olunub. Bir müddət sonra biz bu nizamnamədə dəyişiklik etdik. İndi isə nizamnaməyə 38-1-ci maddə əlavə olunmuşdur. Bu maddəyə görə konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişiklik etmək hüququna malikdir. Nə üçün biz bu dəyişikliyi etmişdik? Söhbət 38-ci maddədən gedir. Bəzən Azərbaycan Respublikasının xaricdə olan vətəndaşı pasport problemi ilə üzləşir. Azərbaycanın səlahiyyətli orqanına, yəni konsuluna belə məsələləri yerindəcə həll etmək səlahiyyəti verdik. Bu gün konsullar belə bir səlahiyyətə malikdirlər. Belə səlahiyyətə malik olduqlarına görə də Azərbaycan vətəndaşlarının qarşılaşdıqları məsələlər çox operativ həll ediləcəkdir.
Amma bir sıra hallarda vətəndaşlar tərəfindən də bilərəkdən pozuntulara, yəni inzibati xətalara yol verilir. Mən bir misal çəkirəm, bilərəkdən vaxtında pasportlarda düzəliş edilməsi ilə bağlı müraciət edilməməsi və sair. Söhbət xaricdə olan Azərbaycan Respublikası vətəndaşının etdiyi xətadan gedir. Bu hallarda konsullara qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququ da verilməlidir. Məhz bu baxımdan cənab Prezident tərəfindən belə bir layihə təqdim edilib. Təbii ki, onda biz İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik etməliyik. Qanun layihəsində qeyd olunur ki, inzibati cərimə konsulluğun yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.
Beləliklə, bu cür hallar baş verdikdə biz konsula belə səlahiyyət veririk. Konsul isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda bu hüququndan istifadə edir. Konsul vətəndaşın inzibati xəta haqqında işinə baxmaq səlahiyyətinə malikdir. Məlumat üçün deyim ki, tək konsullar deyil, gəmi kapitanları da belə səlahiyyətə malikdirlər. Yəni bu cür hallar bizim inzibati qanunvericiliyimizdə nəzərdə tutulur. Millət vəkillərindən bu əlavə və dəyişikliklərə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, xatırlayırsınızsa, cəmi bir neçə ay bundan əvvəl, yaz sessiyasında biz “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda bir dəyişiklik etdik. Bu dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, şəxsiyyəti təsdiq edən sənəddə onun verilmə tarixi və etibarlılıq müddəti də göstərilməlidir. Etdiyimiz həmin dəyişiklikdən irəli gələn müddəadan biri də bu gün “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsidir.
Bilirik ki, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanun var və Əhalinin Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı, daha dəqiq desək, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Orada bu qanunda nəzərdə tutulan bütün məlumatlar var. Amma şəxsiyyəti təsdiq edən sənədlə bağlı edilən dəyişiklik, yəni həmin sənədin verilmə tarixi və etibarlılıq müddəti də burada əksini tapmalıdır. Təbii ki, həmin müddəa “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanuna köçürülür. Amma eyni zamanda, təbii ki, qanunda nəzərdə tutulduğu kimi, Dövlət Reyestrində əhalimiz haqqında dəqiq, təfsilatlı məlumatlar da saxlanılır. Bu texniki, amma əhəmiyyətli bir dəyişiklikdir. Sizdən bu dəyişikliyə səs verməyi xahiş edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira xanım Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Mən gec də olsa fürsətdən istifadə edib payız sessiyasının açılışı ilə əlaqədar həmkarlarımı təbrik edirəm. Noyabr ayında keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürən millət vəkillərinə isə səmimi qəlbdən uğurlar diləyirəm.
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanuna təqdim edilən əlavələri çox düzgün və aktual sayıram və bu əlavələrə səs verəcəyəm. Hazırda şəxsiyyət vəsiqələri, demək olar ki, bütün vətəndaşlara verilibdir. Lakin bir çoxlarının etibarlılıq müddəti pozulubdur. Bu məsələnin gələcək parlament seçkiləri ilə də birbaşa əlaqəsi vardır. Bildiyiniz kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd insanlar 25, 35 və 50 yaşlarına çatan kimi dəyişdirilməlidir. Lakin bizdə, xüsusən də kənd yerlərində bu amilə o qədər də böyük əhəmiyyət vermirlər və vətəndaşlar həmin yaşlara çatandan sonra da aylarla şəxsiyyət vəsiqələrini dəyişdirmirlər. Rayonumuzda imza toplayan təşviqat qrupunun üzvləri belə problemlə tez-tez rastlaşırdılar. Seçici məmnuniyyətlə öz imzasını imza vərəqlərinə atmağa hazır idi. Lakin onun şəxsiyyət vəsiqəsi verilmə tarixinə görə etibarsız idi.
Əgər yadınızdadırsa, 2005-ci ildə keçirilən parlament seçkilərində əsas problem bir çox seçicinin şəxsiyyət vəsiqəsinin olmaması idi. Bu il ön plana etibarsız sayılan şəxsiyyət vəsiqələri çəkilir. Bəlkə kim isə bu problemi xırda məsələ hesab edir? Lakin belə amillər seçici fəallığını zəiflədə bilər. Ona görə də problem aradan qaldırılmalıdır. Mən bilirəm ki, Daxili İşlər Nazirliyinə əhalinin şəxsiyyət vəsiqələrinin qaydaya salınması ilə əlaqədar müvafiq tapşırıqlar verilib, iş gedir. Buna görə də mən aidiyyəti qurumlardan çox xahiş edərdim ki, bu problemi də diqqətdə saxlasınlar. Ərazidəki nümayəndəliklərlə əlaqə saxlayıb 25, 35 və 50 yaş həddinə çatan seçiciləri müəyyənləşdirsinlər və onları qeydiyyat şöbələrinə çağırsınlar və onlara yeni şəxsiyyət vəsiqələrini yubatmadan təqdim etsinlər. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, bu məsələyə münasibət bildirmək istəyirsiniz? Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Elmira xanım haqlıdır, belə bir problem var. Ziyafət müəllim, yaz sessiyasında biz həm “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda, eyni zamanda, İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdik. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitəndə yeni şəkil çəkdirmək, sənədi dəyişdirmək lazımdır. Etibarlılıq müddəti məsələsi təkcə müvafiq dövlət orqanına aid deyil. Vətəndaş qanuna müvafiq olaraq bilməlidir ki, şəxsiyyət vəsiqəsini dəyişdirməyəndə etibarlılığı itir və vətəndaş da buna görə məsuliyyət daşıyır. Əslində, məsələ çox düzgün olaraq qaldırılıb. Bunun təbliğatını genişləndirmək lazımdır, əhali bilməlidir ki, bu cür şəxsiyyət vəsiqələri etibarlı deyil və onları mütləq dəyişdirmək lazımdır.
Sədrlik edən. Aydındır, sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 16.53 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədədir. 21-ci məsələ də İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında qanun layihəsi barədədir. Əli müəllim, hər ikisi barəsində məlumat verin, zəhmət olmasa. Amma nəzərə alsaq ki, söhbət eyni məcəlləyə əlavə və dəyişiklikdən gedir, bir səsvermə keçirəcəyik. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsinə iki əlavə və dəyişiklikdən söhbət gedir, amma mahiyyətləri bir-birlərindən fərqlənmir. Birincisinin üzərində dayanmaq istəyirəm. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə yeni 180-1-ci maddə əlavə edilsin. Maddə abonentin identifikasiya modulunu və ya mobil telefon aparatını başqa şəxslərə kirayəyə verilməsinə görə məsuliyyəti özündə ehtiva edir. Amma bu maddənin dispozisiyasını çox dəqiq ifadə etmək istəyirəm. “Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və s.) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə” müəyyən məbləğdə cərimələr nəzərdə tutulur. İlk baxışdan bir qədər sadə və qeyri-ənənəvi görünə bilər. Amma bu kifayət qədər ciddi bir məsələdir.
Hörmətli həmkarlarım, qeyd etmək istəyirəm ki, paradoksal olsa da, əslində, belə bir qanunsuz fəaliyyət növü var. Buna başqa ad vermək mümkün deyil, amma belə bir fəaliyyət növü var. Bəlkə sizlər də müşahidə etmisiniz, bəzən metroların qarşısında və sair yerlərdə belə təkliflər eşidirik. Nə üçün bu məsələ aktuallaşıb? Məlum hadisələrdən sonra Nazirlər Kabinetinin 2009-ci il 8 oktyabr tarixli bir sərəncamı oldu. Bu, terrorçuluq barədə yalan məlumatın verilməsinin qarşısının alınması ilə bağlı bir qərar idi. Həmin qərarda bir sıra məsələlər öz əksini tapıb.
Bilirsiniz ki, bu gün “təhlükəsiz şəhər” layihəsi həyata keçirilir. Bütün sivil, demokratik ölkələrdə olduğu kimi, bir çox ictimai yerlərdə kameralar quraşdırılıb. Eyni zamanda, Bakı şəhərində taksofonlar müəyyənləşdirilib və vətəndaşlar bunlardan istifadə edə bilərlər. Bu taksofonlar əsas etibarilə artıq elektron nömrələrdən ibarətdir. Yəni İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi üçün meydana belə bir qanun layihəsinin çıxmasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə birbaşa əlaqəsi var. Bu ictimai təhlükəsizlik məsələsi ilə bağlıdır və elə bilirəm ki, həmkarlarım da bunu başa düşəcəklər. Dəfələrlə bu qanunsuz fəaliyyət ilə bağlı vergi orqanları məsələ qaldırıblar. Hesab edirik ki, Nazirlər Kabinetinin məlum qərarından sonra inzibati yollarla da bunun qarşısının alınmasının vaxtı çatmışdır. Diqqətinizə görə çox sağ olun.
İkinci məsələni də qeyd etmək istəyirəm, Ziyafət müəllim. Bu layihədə İnzibati Xətalar Məcəlləsinin “Reklam haqqında qanunvericiliyin pozulması” adlı maddəsinə yeni 221.5-ci bəndin əlavə olunması nəzərdə tutulur. “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə” məsuliyyət nəzərdə tutulur. Etiraf edim ki, bu bəndin dispozisiyasında bir qədər uğursuz ifadələr işlədilib. Əgər müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmuş qaydada icazə verilməyibsə, onda həmin fəaliyyət qadağandır. Biz müvafiq qanunvericilik təşəbbüsü subyekti ilə razılaşmışıq. Bu redaksiyada bir düzəliş olacaq. Hesab edirəm ki, Azərbaycan dilinin qrammatikasına tam da uyğun olmayan bir formadadır, amma mahiyyət məlumdur. Bu əlavə bizim komitə tərəfindən də dəstəklənib. Millət vəkillərindən də İnzibati Xətalar Məcəlləsinə edilən hər iki əlavə və dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli həmkarlarım, mən bu əlavəni alqışlayıram, ona səs verəcəyəm. Keçən sessiya- larda deputatlar tərəfindən bu məsələ dəfələrlə qaldırılıbdır. Yaşayış məntəqələrində, qədim arxitektur binalarda cürbə- cür reklamların yerləşdirilməsi və bununla da binaların, ümumiyyətlə, şəhərimizin xarici görünüşünün korlanması məni narahat edir. Mən fiziki, xüsusən də vəzifəli şəxslər üçün cəriməni daha sərt edərdim. Hazırda Bakıda bir çox binalar təmizlənib, təzələnib və bu işə böyük vəsaitlər xərclənibdir. Əgər binalarda yenə də reklam yerləşdirilməsinə cəhd edilə cəksə, onda cərimədən başqa bu reklamı qoparmaq, təmizləmək, binanı əvvəlki vəziyyətə gətirmək də reklamı orada yerləşdirən şəxsin üzərinə düşməlidir. Mənə elə gəlir ki, bax, bu da qanunda öz əksini tapmalıdır.
Lakin işin ikinci tərəfi də var. Bu da Bakıda reklam üçün ayrılan yerlərin kasadlığı, demək olar ki, yoxluğudur. Mən bu yaxınlarda Moskva şəhərində olmuşam və orada hər bir avtobus, trolleybus, tramvay dayanacağında meriya xüsusi tablolar, yerlər ayırıb ki, insanlar öz reklamlarını vura bilsinlər. Bundan da yaxşı yer tapmaq mümkün deyil. Şəhər sakinlərinin çoxu bu dayanacaqlardan istifadə edir və ictimai nəqliyyatı gözləyə-gözləyə reklamı oxuyur. Bizdə də reklam üçün belə şitlər, tablolar, xüsusi yerlər ayrılmalıdır. İndi bunlar yoxdur. Ona görə də bütün qadağalara, cərimələrə baxmayaraq, gözəl binalarımıza yenə də yöndəmsiz, eybəcər reklam kağızları yapışdırılacaq. Ona görə icra strukturlarından, Bakı meriyasından çox xahiş edərdim ki, bu məsələyə də diqqətlərini artırsınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, hər iki qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.00 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu bir qədər geniş qanun layihəsidir. Təbii ki, müasir dövrdə müəlliflik hüququ və əlaqəli hüquqlar geniş tətbiq olunur. Sizə deyim ki, bu məsələlər yaradıcı insanların birbaşa maraqlarına toxunur. Onu deyə bilərəm ki, bu qanun layihəsi Müəllif Hüquqları Agentliyinin iştirakı ilə komitədə müzakirə olunub. Qanun layihəsi Mədəniyyət Komitəsində də müzakirə olunub. Qanundakı anlayışlarda bir sıra dəqiqləşdirilmələr aparılıb. Misal üçün, “plagiatçılıq” anlay-ışı çıxarılıb, digər anlayışlar dəqiqləşdirilib. Qeyd etmək istəyirəm ki, komitədə müzakirə zamanı bu əlavə və dəyişikliklər bütün komitə üzvləri tərəfindən müdafiə ol-undu. Bir daha vurğulayıram, bu gün müəlliflik hüququnun qorunması məsələsi çox aktualdır. Elə bilirəm ki, bu əlavə və dəyişiklikləri qəbul etməklə həmin sahədəki boşluqları da aradan qaldırmış olacağıq. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi Mədəniyyət komitəsində də müzakirə olunub. Elmira xanım, sualınız vardır? Buyurun, Elmira Axundova.
E. Axundova. Yaxşı dəyişikliklərdir. Amma bir sual məni narahat edir. Əli müəllim, 1.4-cü maddədən “pla-giatçılıq” anlayışını çıxarırsınız. Bu nə deməkdir? Yəni pla-giatçılıq bundan sonra müəlliflik hüququnun predmeti olma-yacaq? Halbuki plagiatçılıq halları, bilirsiniz, həm ədəbiyyat, həm də musiqi sahəsində hazırda böyük vüsət alıb və xüsusən də ermənilər bu məsələdə dırnaqarası aktivdirlər. Ona görə də bu anlayışın qanundan çıxarılması-nın əleyhinəyəm. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.
Ə. Hüseynov. Çox sağ olun, Elmira xanım. Mən tam razıyam ki, bu məsələ çox geniş müzakirə olunan bir məsələdir. Amma burada mən öz mövqeyimi ifadə edirəm. Bu məsələ müvafiq agentliklə də müzakirə olunmuşdur, yəni bizi də maraqlandırırdı. Amma reallıq bundan ibarətdir ki, “plagiatçılıq” anlayışının təfsiri, onun yönəlməsi də həddindən artıq çox genişdir. Yəni belə demək mümkünsə, bu məsələdən sui-istifadə halları çoxdur, bunların qarşısının alınması mexanizmləri işləmir, mümkün deyil. Mənim təsəvvürümdə plagiatçılığa, əslində, daha dözümlə yanaş-maq lazımdır. Bu anlayış qanunvericiliyimizdə var idi. Am-ma, faktik olaraq, bir qədər oxşar yaradıcılıq artıq pla-giatçılıq kimi də təfsir olunurdu. Razıyam, bu məsələ yaradıcı insanlar tərəfindən birmənalı qarşılanmır. Biz mətbuatda da, televiziyada da bunu görürük, ittihamlar olur. Yəqin bizləri də ittiham edirlər. Hər halda elə bilirəm, bu mübahisəli məsələdir. Amma bu məsələ müzakirə olunmuş-dur və müvafiq orqanın da mövqeyi belədir.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, Ziyafət müəllim. Elmira xanım məni qabaqladı. Plagiatçılıq məsələsinin qanundan çıxarılmasının məntiqini başa düşmürəm. Bu maddə mübahisəlidirsə, onu daha dəqiq, konkret vermək lazımdır. Amma elmi həyatda plagiat deyilən bir kateqoriyadan qaçmaq mümkün deyil. Mən şahid olmuşam ki, plagiatçılığa görə tələbəni Priston universitetindən qovublar. Adi esse yazanda qovublar. Bu, əslində, elmi işdə, yaradıcılıq işində bir korrupsiyadır. Məsələyə bu cür də baxmaq lazımdır. Mən bu dəyişikliyin əleyhinə səs verəcəyəm və sizi də onun əleyhinə səs verməyə çağırıram. Bu məsələyə müxtəlif yanaşma ola bilər, bunu genişləndirə, daralda bilərlər. Amma qanundan niyə çıxarılsın, axı? Bu, daha doğrusu, oğurluqdur, intellektual mülkiyyətin oğurluğudur.
Mən bir adamı məhkəməyə vermək istədim, çünki kitabın bir fəslini tamamilə götürüb öz əsərinə daxil etmişdi. Mənə dedilər ki, qanunvericilik buna yol vermir. Məncə, bu məsələyə diqqət yetirmək lazımdır. Əslində, bu müddəanı daha da şiddətləndirməkdənsə, biz qanundan çıxarırıq ki, plagiatlıq etsinlər. Biz tələbələrə də başa salmaq istəyirik ki, plagiatçılıq çox pis şeydir, yaradıcı işdə gərək bütün cümlələr, fikirlər səninki olsun. Anlamırlar. Yəni elə bir mədəniyyət, elə bir kültür olmalıdır. Bir daha Əli müəllimə müraciət etmək istəyirəm. Başqa dəlillər varmı? “Mübahisə yaradır” dəlili, məncə, zəif dəlildir. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Bu dəyişiklikləri hazırlayan mütəxəssislərdən, Əli müəllim, Sizdən də çox üzr istəyirəm. Fikrimcə, əgər bu gün mövcud olan qanunvericiliklə korporasiya mümkündürsə, plagiat məsələsi öz-özünə, avtomatik olaraq çıxarılır. Niyə? Çünki bu gün təklif edilən əlavələr, dəyişikliklər bütün məsələləri o qədər geniş şəkildə əhatə edir ki, daha plagiat üçün yer qalmır. Plagiat müəllifin hüquqlarına toxunan nöqtələrdən biridir. Bunlar əlavə və dəyişikliklərdə geniş şəkildə əhatə olunduğuna görə ayrı-ayrı məqamlara ehtiyac qalmır. Əgər qanunun özünü və buradakı əlavə və dəyişiklikləri dəqiq oxusaq görərik ki, “plagiat” sözünü buraya salmağa, yaxud plagiat haqqında bir müddəa yazmağa ehtiyac yoxdur. Bu dəyişikliklər bütün məsələləri əhatə eləyir. Fikrimcə, bu belədir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Rafael Hüseynov.
R. Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini.
Hörmətli millət vəkilləri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə ölkə Prezidentinin imzası ilə təqdim olunan sənəd, düşünürəm ki, zamanın tələb etdiyi zərurətdən doğur. Ölkədə audio-vizual məkan genişlənir, özəl televiziyaların, kabel televiziyalarının sayı artır və müəlliflik hüququ anlayışının əhatə dairəsi də genişlənir. Dünənə qədər təsəvvürümüzdə müəlliflik hüququnun qorunması sferasına daxil olmayan elə incə anlayışlar, elə incə məqamlar ortaya çıxır ki, onların mühafizəsi zəruriləşir. Mədəniyyət komitəsində də müzakirə zamanı belə bir nöqteyi-nəzər ifadə olundu ki, bu əlavə və dəyişikliklər vaxtında edilmiş düzəlişlərdir və sonuncu da deyil. Zaman ötdükcə həmin sahənin əhatə dairəsi bir az da genişlənəcək, daha başqa ayrıntılarla əlaqədar dəqiqləşdirmələrə, əlavələrə ehtiyacı zaman özü yaradacaq.
“Plagiat” anlayışı ilə bağlı. Bu qanunun özünün mahiyyəti və fəlsəfəsi “plagiat” anlayışını rədd eləyir. Müəllifin hüququ qorunursa, deməli, burada plagiatdan söhbət gedə bilməz. “Plagiat” nədir? Oğurluqdur, qəsddir, mənimsəmədir, müəlliflik hüququ qorunmadıqda ortaya çıxır. Yox, bu anlayış ona görə çıxarılmır ki, burada mübahisə var. Bu anlayış ona görə çıxarılır ki, sadəcə, qanunun fəlsəfəsi və mahiyyəti bunu istisna eləyir. Müəlliflik hüququ qorunursa, burada plagiatdan, qəsddən söhbət gedə bilməz. Düşünürəm ki, “plagiatçılıq” anlayışının buradan çıxarılması tamamilə məntiqlidir və qanunauyğundur. Plagiata heç harada yer yoxdur və müəlliflik hüququ çox yüksək səviyyədə qorunmalıdır ki, oğurluğa, heç bir mənimsəməyə və qəsdə də yer qalmasın. Sadəcə, bu qanun yaxşı işləməlidir. Qanun yaxşı işləyəcəksə, öz zəka əmlakına hər hansı bir müdaxiləyə, qəsdə qarşı insan məhkəməyə müraciət edəcək və haqqını tələb edəcək.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.10 dəq.)
Lehinə 96
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Auditor xidməti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi barədədir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində bir böyük mürəkkəb cümlə var, yeni redaksiyada həmin cümlə xeyli dərəcədə sadələşdirilib və aşağıdakı kimi təklif olunur: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək”. Digər dəyişikliklər “Notariat haqqında” Qanunla bağlıdır. Bu barədə Əli müəllim, yəqin ki, məlumat verəcəkdir. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bizim komitəyə aid olan hissəsi ondan ibarətdir ki, “Notariat haqqında” Qanuna da artıq hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, həmin anlayış daxil edilir. Qanunun 42.1-ci maddəsindən “...müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi...” sözləri çıxarılır, daha dəqiq ifadə olunur.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların siyahısına bir orqan da əlavə olunur. Bu da Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətidir. Bilirsiniz ki, bu xidmət çirkli pulların yuyulmasına qarşı mübarizəni həyata keçirir. Təbii ki, bu orqanın fəaliyyəti ilə bağlı inzibati işlərə baxmaq səlahiyyəti də olmalıdır. Amma qanunvericilikdə onun adı yox idi. Bu baxımdan hesab edirəm ki, əsaslandırılmış əlavələr və dəyişikliklərdir. Bunlara səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.12 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Bilirsiniz ki, bir müddət bundan əvvəl biz Milli Məclisdə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdik. Bu qanunun tətbiqi ilə əlaqədar olaraq “Kredit ittifaqları haqqında”, “Banklar haqqında” qanunlara əlavələr edilir. Əlavələrin mahiyyəti ondan ibarətdir ki, burada “bank olmayan kredit təşkilatı” anlayışı açıqlanır, eyni zamanda, həmin qanunlara “bank olmayan kredit təşkilatları” sözləri əlavə edilir. Dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 2, 10, 18, 30-cu maddələrinə bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, son illərdə notariat fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən fiziki, hüquqi şəxslərə şəhadətnamə verilir. “Dövlət rüsumunun tutulduğu hallar” adlanan 2-ci maddəyə əlavə olunur və 2.0.2-ci bənd belə oxunur: “notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun tutulması və onun müddətinin uzadılması”. Bunlara görə rüsum əlavə olunur.
Digər bir maddəyə də dəyişiklik edilir. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı zamanı dövlət rüsumları alınırdı və indi isə həmin maddəyə gigiyenik sertifikatın verilməsi məsələsi də əlavə olunur. Bu da ekoloji problemlərlə əlaqədardır.
Digər vacib məsələlərdən biri də alternativ və bərpa olunan enerji məsələləri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi məsələsidir. Bilirsiniz ki, bu istiqamətdə respublikada xeyli iş görülür. Fiziki və hüquqi şəxslər sahibkar qismində bu fəaliyyətlə məşğul olurlar. Ona görə də “Dövlət rüsumu haqqında” Qanuna əlavələr edilir. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üzrə 100 manat dövlət rüsumu nəzərdə tutulur. Bu müddəa qanunun 18.68-ci maddəsinə əlavə olunur.
Adı çəkilən qanuna “Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri” adlı maddə də əlavə olunur. Hesab edirik ki, belə dəyişikliklər və əlavələr “Dövlət rüsumu haqqında” Qanunun daha da təkmil olmasına imkan verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.17 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Patent haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi növbəti məsələdir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı dəyişikliklər təklif olunur. 2-ci maddənin 3-cü bəndinin əvvəlki redaksiyasında deyilir: “Qanun təsərrüfat subyektlərinin ixtira, ticarət nişanları və müəlliflik hüquqlarından irəli gələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməsi halları istisna olmaqla şamil edilmir”. Amma indi həmin cümlə bir az genişləndirilir. “Ticarət nişanları və müəlliflik hüquqlarından” sözləri aşağıdakı sözlərlə əvəz olunur: “faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli gələn münasibətlərinə”. Belə bir müddəa, eyni zamanda, “Dövlət rüsumu haqqında” Qanunun 2-ci maddəsinə də əlavə olunur, yəni digər maddələrə də eyni cümlə əlavə olunur. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.19 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27.1, 27.2-ci maddələrinə aşağıdakı əlavələr edilir. 27.1-ci maddəyə edilən əlavə belədir: “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən...” Bu maddənin bir hissəsi var idi, edilən əlavəyə görə “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən az olmayan sürücülər sərnişin daşımalarına buraxılır. Mən hörmətli Elton müəllimlə məsləhətləşdim, belə bir dəyişiklik çox vacibdir.
Sədrlik edən. Çox sağ olun, buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə danışacaq. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Son vaxtlar respublikada gedən sosial-iqtisadi inkişaf nəticəsində bir çox yaşayış məntəqələrimiz böyüyür, abadlaşır, orada lazımi sosial və infrastruktur obyektləri yaradılır. Bu yaşayış məntəqələrinin müstəqil yaşayış məntəqəsi kimi fəaliyyət göstərməsi zərurəti ortaya çıxır. Bu nöqteyi-nəzərdən Hacıqabul rayonunda üç yeni inzibati ərazi dairəsinin yaradılması nəzərdə tutulur. Navahı kənd inzibati ərazi dairəsinin tərkibindən Navahı qəsəbəsi və Pirsaat qəsəbələri ayrılır və bunların əsasında müstəqil inzibati ərazi dairələri yaradılır. Atbulaq kənd inzibati ərazi dairəsinin tərkibindən Qızılburun kəndi ayrılır və inzibati ərazi dairəsi yaradılır. Eyni zamanda, bu düzəlişlər Dövlət reyestrinə də daxil edilir. Etiraz etmirsinizsə, növbəti məsələ ilə əlaqədar məruzə edərdim.
Yerdən. (Eşidilmir.)
A. Rəhimzadə. Deməli, Ağsu rayonunun Padar kəndi inzibati ərazi dairəsinin tərkibindəki Nəmirli kəndinin ərazisində mövcud olan yaşayış məntəqəsi “Bənəcik kəndi” adlandırılır və bir müstəqil kənd kimi fəaliyyətə başlayır. Xahiş edirəm, bu layihələrə müsbət münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Xahiş edirəm, Hacıqabul rayonu ilə bağlı inzibati ərazi bölgüsü haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. İndi isə, xahiş edirəm, Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə əlaqədar qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədədir. 32-ci məsələ də eyni qəbildən olan qanun layihəsidir. Arif müəllim, zəhmət olmasa, hər iki qanun layihəsi ilə bağlı məlumat verərdiniz, səsverməni bir səsvermə ilə apararıq. Buyurun.
A. Rəhimzadə. Sağ olun. Nəzərdə tutulur ki, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda bu il ərzində qəbul etdiyimiz qanunlar nəticəsində düzəlişlər öz əksini tapsın. Birinci, bildiyiniz kimi, Əzizbəyov rayonu “Xəzər rayonu” adlanır, bununla əlaqədar müvafiq düzəlişlər edilir. Bu il Milli Məclisin qəbul etdiyi qanuna əsasən Naftalan şəhərinin ərazisi genişləndirildi və Qasımbəyli kəndi ona verildi. Bununla əlaqədar bu siyahıda düzəliş edilir. Qasımbəyli, Qaşaltı, Qaraqoyunlu bələdiyyəsi Qasımbəyli kəndi və Qaşaltı Qaraqoyunlu kəndlərindən ibarət olur. Düzəliş bundan ibarətdir. Etiraz etməsəniz, mən üçüncü məsələni də məruzə edərdim. Həmin sənəd də elə bu qəbildəndir.
Sədrlik edən. Buyurun, Arif müəllim.
A. Rəhimzadə. Bilirsiniz ki, Dəvəçi rayonu “Şabran rayonu” adlandırıldı. Bununla əlaqədar bələdiyyələrin siyahısına müvafiq düzəlişlər verilir. Eyni zamanda, nəzərdə tutulur ki, 2010-cu ilin dövlət büdcəsində də “Dəvəçi” əvəzinə “Şabran” sözü yazılsın. Buradakı texniki səhv üzündən 1-ci maddənin qanun layihəsindən çıxarılması nəzərdə tutulur. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Xahiş edirəm, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi barədə hər iki qanun layihəsinə, yəni həm 31, həm də 32-ci məsələlərdə göstərilmiş qanun layihələrinə bir səsvermə keçirməklə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.27 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, axırıncı məsələ haqqında Arif müəllim məlumat verdi. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.
 
Səsvermənin nəticələr (saat 17.28 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımız sona çatdı.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU