30.12.2010 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI İCLASININ

PROTOKOLU № 5

Milli Məclisin iclas salonu.
30 dekabr 2010-cu il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 113
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan  Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələr (saat 12.01 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  109
Nəticə: Qəbul edildi

2. “Dövlət rüsumu haqqında” Azərbaycan  Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Eldar İbrahimov, Fazil Mustafa, Aydın Mirzəzadə, Etibar Hüseynov, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli, Xanhüseyn Kazımlı, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

4. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  109
Nəticə: Qəbul edildi


6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

7. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Bahar Muradova

“Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” Milli Məclisin Qərarı qəbul edilmişdir.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV


 

MİLLİ  MƏCLİSİN  İCLASI

30 dekabr 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov   sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Hörmətli millət vəkilləri, sabah Dünya azərbaycanlılarının həmrəyliyi günü, eləcə də Yeni il bayramıdır. İcazə verin, bu münasibətlə sizin hamınızı səmimi qəlbdən  təbrik edim, sizə can sağlığı, uzun ömür və parlament  fəaliyyətində uğurlar arzu edim.
Diqqətinizə çatdırım ki, Milli Məclis bayramlar münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu hazırlamışdır. Sizin icazənizlə, möhtərəm Prezidentimizi bu bayramlar münasibəti ilə səmimi qəlbdən təbrik edək, ona uzun ömür, can sağlığı və Azərbaycanın xoşbəxtliyi və gələcəyi naminə dəyərli fəaliyyətində uğurlar arzulayaq! (Alqışlar.) Sizin alqışlarınız razılığınızın ifadəsi idi, çox sağ olun.
İndi isə hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat        (saat 12.01 dəq.)
İştirak edir 113
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  109
Nəticə: Qəbul edildi

Təsdiq  edildi, sağ olun.
Gündəliyin 1-ci məsələsi “Dövlət rüsumu haqqında” Qa-nuna əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, “Dövlət rüsumu haqqında” Qanunun 2.0.4-cü maddəsi dövlət rüsumlarının  tutulduğu halları özündə ehtiva eləyir. Bura yeniləri əlavə olunur. Zərurət isə ondan yaranıb ki, ölkədə həyata keçirilən dövlət miqrasiya siyasəti bu cür yeni halları müəyyənləşdirib. Söhbət əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, eyni zamanda, müvəqqəti olma müddətinin uzadılması barədə qərar və Azərbaycanda qaçqın statusu almış şəxslərə qaçqın vəsiqəsi və yol sənədinin verilməsinə görə nəzərdə tutulan rüsumdan gedir. Bu, 5 manat həcmindədir. Qeyd etdiyim kimi, bu, miqrasiya siyasətinin tənzimlənməsi baxımından vacibdir. Odur ki, millət vəkillərindən bu əlavəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən də cənab Prezidentlə yanaşı, Sizi və bütün millət vəkillərini qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edirəm, can sağlığı və uğurlar arzulayıram. Oqtay müəllim, məncə, biz Daxili Nizamnaməni dəyişməmişik. Biz həmişə yeni gündəliyi təsdiq eləyəndə yarım saat cari məsələlərə vaxt ayırırıq. Bu dəfə Siz heç Milli Məclisin üzvlərinin fikrini öyrənmədən birbaşa gündəliyin müzakirəsinə keçdiniz.
Bir gün öncə Bakıda çox böyük bir əlamətdar hadisə baş verib. Bakı şəhərinə yeni su kəməri çəkildi. Bu, Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə müqayisə oluna biləcək bir hadisədir. Bu hadisənin həm də əlamətdar cəhəti budur ki, bu layihəni Azərbaycan təkbaşına gerçəkləşdirdi. Mən bütün Bakı sakinlərini bu münasibətlə ürəkdən təbrik edirəm.
Bundan başqa, mən və Naxçıvandan olan digər millət vəkillər Naxçıvana uçan təyyarələrin köhnəliyi və biletlərin bahalığı ilə bağlı məsələ qaldırmışdıq. Böyük məmnunluq hissi ilə qeyd eləmək istəyirəm ki, bizim müraciətlərimiz nəzərə alınıb, artıq  yeni təyyarələr alınıb və biletlərin qiymətləri aşağı salınıb. Biz buna görə cənab Prezidentə və hökumətə öz minnətdarlığımızı bildiririk.
Oqtay müəllim, müzakirəyə çıxarılan məsələyə səs verəcəyəm, amma bu çıxışımın bir neçə dəqiqəsini bəzi məsələlərə həsr edəcəyəm. Bu gün səhər eşitdim ki, Obama Azərbaycana səfir təyin eləyib. Vaxtilə mən parlamentdə səfir təyin olunmamasına etirazımı bildirmişdim. Görünür, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi artıq fərqindədir ki, təzyiq siyasəti ilə heç nəyə nail olmaq olmaz. Amerika özünün Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır. Türkiyə və Azərbaycana təzyiq etmək əvəzinə təcavüzkar Ermənistana təzyiq etməlidir. Ermənistana sanksiyalar tətbiq eləməlidir ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə öz həllini tapsın. Ümid eləyək ki, 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasətində ciddi dönüş və dəyişikliklər olacaq.
Toxunmaq istədiyim başqa bir məsələ də “Muray” MMC ilə bağlıdır. Xeyli sayda insan müraciət edib ki, mən bu məsələni mütləq Milli Məclisin iclasında qaldırım. Bu da ondan ibarətdir ki, bu şirkət bir mənzili 13 nəfərə satıb. Ar-tıq biz 20 ildir ki, müstəqil dövlətik. Mənzil bazarında və mənzil tikintisində bir qayda-qanun yaradılmalıdır. Nə vaxt hökumət bu sahəyə xüsusi diqqət yetirəcək?
Vaxtilə Qənirə xanım burada məsələ qaldırmışdı ki, insanlar evlərdə məskunlaşıblar, amma qaz vermirlər. Vətəndaşların vasitəsi ilə həmin sahibkara təzyiq eləmək istəyirlər ki, get, Bakı Şəhər İcra Hakimiyyətində həmin binanı təhvil ver. Sahibkar da deyir ki, mən təhvil verə bilmirəm, məndən ağla sığmayan miqdarda pul tələb olunur. Dövlət niyə öz problemini vətəndaşın vasitəsi ilə həll eləmək istəyir? Niyə Bakı Şəhər İcra Hakimiyyəti həmin iş adamından  tələb eləmir ki, 4–5 ildir, bina məskunlaşıb, niyə onu təhvil vermirsən? Niyə imkan vermirlər ki, binaya qaz verilsin. Bu gün biz xaricə qaz satırıq, xaric ölkələrin kəndlərini qazlaşdırırıq, amma Bakının mərkəzində insanlara  qaz verilmir. Gələn aydan da havalar soyuyur və insanlar yenə də böyük problemlərlə üz-üzə qalacaqlar. Oqtay müəllim, çox xahiş edirəm ki, Siz Milli Məclisin Sədri olaraq bu məsələni şəxsən öz nəzarətinizə götürün. Müvafiq adamlardan tələb eləyin ki, öz vəzifələrini yerinə yetirsinlər. Bakı Şəhər İcra Hakimiyyəti əgər iş adamına təzyiq eləyə bilmirsə, vətəndaş da bilmir. Mən hər halda bugünkü  çıxışımı yaxşı notlarla bitirmək istəyirəm. Ümid edirəm ki, yeni il Azərbaycan üçün daha uğurlu olacaq. Həm də Qarabağ probleminin həllində müəyyən nəticələr əldə ediləcək. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, çıxışına irad notları ilə başladın, elə o cür də yekunlaşdırdın. Yaxşı not alınmadı. Birinci, nəzərinizə çatdırım ki, cari məsələlərin müzakirəsini təklif eləyən olmadı.
İkinci, evlər məsələsini qaldırdınız. Bu tikilən, təhvil verilməyən evlər dövlət tərəfindən deyil, özəl şirkətlər tərəfindən tikilib. Çox əfsuslar olsun ki, bu özəl şirkətlər müqavilələr bağlayırlar, evləri satırlar, ancaq qaz, su məsələlərini həll edib təhvil vermirlər. Nəticədə o binada yaşayan insanlar da yalnız icra hakimiyyətinə, dövlətə müraciət eləyirlər.
Onların bu şirkətlərlə müqavilələri var. Bu şirkətlər bir-iki yox, on-on beş ev tikirlər. Məsələn məhkəmə yolu ilə həll eləsinlər. Heç kim ev aldığı şirkətlə pis olmaq istəmir, hökumətdən şikayət eləyir. Nəyə görə? Siz özünüz hüquqşünassınız. Müqavilən var, ev təhvil veriləndə suyu da  olmalıdır, işığı da, qazı da. Biz qanun da qəbul elədik. Kimsə fırıldaqçılıq eləyirsə, qanun qarşısında cavab verəcək. Bu məsələlərin həlli yeri Milli Məclis deyil. Buyursun Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən də həmkarımın fikrinə qoşularaq istəyirəm ki, möhtərəm Prezidentimizə əvvəlcədən dərin minnətdarlığımı, təşəkkürümü bildirim. Azərbaycanın hər yerində saysız-hesabsız böyük işlər görülüb. Seldən əziyyət çəkən insanlar üçün Saatlı, Sabirabad zonalarında evlər tikilib, qaçqın və məcburi köçkünlərə evlər verilib. Yeni il ərəfəsində isə Bakıya dünya səhiyyə təşkilatlarının verdiyi rəyə görə ən gözəl suyun gəlməsi, əlbəttə, bütün bakılıları sevindirir. Bütün bu görülən işlər bizim hər birimizi, bütün Azərbaycan xalqını sevindirir.
Dünəndən bəri mənə Naxçıvandan yüzlərcə seçicim zəng vurub. Hamısı mənə tapşırıq verib ki, onların xüsusi minnətdarlığını və səmimi təşəkkürünü möhtərəm Prezidentə çatdırım.
Həmkarım da qeyd elədi. Vaxtilə Naxçıvana uçan təyyarələrin həm köhnə olmasından,  həm də biletlərin baha olmasından söhbət gedirdi. Çox sağ olsun möhtərəm Preziden-timiz ki, həm biletin qiyməti 50 manata endirilib, həm də Bakı–Naxçıvan marşrutu üzrə “Aerobus–319”, “Aerobus–320” təyyarələri ayrılıb. Bilirsiniz ki, bu marşrut işğalçı Ermənistanın üzərindən keçir. Təyyarələr nə qədər təzə olsa, bir o qədər təhlükəsiz uça bilərik. Həm Bakıya yeni su kəmərinin çəkilməsi, həm də naxçıvanlılar üçün biletin qiymətinin endirilməsi və yeni təyyarələrin verilməsi yeni ildə Prezidentimiz tərəfindən böyük bir sürpriz oldu. Bütün seçicilərim, bütün Naxçıvan əhalisinin adından möhtərəm Prezidentimizə öz səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın fikirlərini bölüşürəm və hesab edirəm ki, bunlar son günlər baş verən ən müsbət hadisələrdir və mütləq bunun da qiymətini vermək lazımdır.
Qanunla bağlı mən nəyi qeyd eləmək istəyirəm? “Dövlət rüsumu haqqında” Qanunda vaxtaşırı müəyyən dəyişikliklər nəzərdə tutula bilər. Gedişat özü bunu diktə eləyir. Amma istəyirəm, bir problemə toxunam. Burada qeyd olunur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs. Ümumiyyətlə, Azərbaycanda bəzən vətəndaşlığı olmayan şəxslər kateqoriyasına həm də bizim soydaşlarımızın bir qismi daxil olur. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində 4 kateqoriya əhali var ki, onlara xüsusi diqqət göstərməyimiz vacibdir.
Birinci kateqoriya, təbii ki, məcburi köçkünlər, çox böyük əzab-əziyyət içində evlərini tərk edən, öz doğma yurdlarında yaşamayan insanlardır.
İkinci, Gürcüstanda yaşayan azərbaycanlılardır. Bunlar da bizimlə eyni qandan, eyni kökdən gələn və Azərbaycanın gələcəyini bir yerdə quracağımız insanlardır.
Üçüncü, xaricdə olan, xüsusilə Rusiyada yaşayan çoxsaylı miqrantlarımızdır.
Dördüncüsü isə blokada vəziyyətində olan Naxçıvan əhalisidir. Bu problemlərin həlli istiqamətində addımlar atılır. Biletlərin qiymətinin endirilməsi, yeni təyyarələrin verilməsi müsbət haldır.
Amma mən istəyirəm, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı məsələni gündəmə gətirəm. Təbii ki, son vaxtlar qeyri-rəsmi şəkildə müəyyən məhdudiyyət qoyulub ki, bu da haqlı məhdudiyyətdir. Yəni istəyirlər ki, oradan bura axın başlamasın, ən azı, azərbaycanlılar məskunlaşdığı yerlərdə daha sabit şəkildə yaşaya və çoxala bilsinlər. Amma bununla yanaşı, fərdi insan taleləri ilə bağlı ciddi problemlər çıxır. Yüzlərcə uşaq var ki, anası burada qeydiyyatdadır, atası Gürcüstanda. Burada anadan olub, amma heç bir sənəd ala, vətəndaşlıq əldə eləyə bilmir.
Bu vətəndaşlıq haqqında qanunun fəlsəfəsi odur ki, valideynlərdən biri harada anadan olubsa, oranın vətəndaşlığını qəbul eləyə bilər. Təbii ki, oradan axının qarşısını al-maq vacibdir və bu dövlət siyasətini mən də dəstəkləyirəm. Amma ayrı-ayrı insanların hüquqlarının pozulması halları ilə bağlı bizə xeyli sayda müraciət daxil olur. Faktiki olaraq bu-rada yaşayırlar, oradakı evlərini satıblar. Ora köçmək şan-sları yoxdur, amma 10 illərlə burada qeydiyyatsız yaşamağa məhkum olublar.
Mən Əli müəllimdən xahiş edərdim, ümumiyyətlə, miqrantlar məsələsindən söz düşəndə bir az azərbaycanlı kateqoriyasına daxil olan insanlar üçün müəyyən bir yol, keçid qoyulmasının vacibliyini nəzərdə tutsunlar. Bu, oldu-qca əhəmiyyətli məsələdir, çünki Gürcüstandan olan soy-daşlarımızın həm orada mövqe tutması vacibdir, həm də bu-rada olan ayrı-ayrı insanların, heç olmasa, istisna hallar olaraq məhkəmə qaydasında problemlərinin həllinə şərait yaratmaq lazımdır. Oqtay müəllim, diqqətinizə çatdırım ki, məhkəməyə verilən sənədləri də çox vaxt qəbul eləmirlər ki, heç bir nəticə əldə olunmayacaq. Buna elə bir yol tapmaq lazımdır ki, heç olmasa, məhkəmə qaydasında istisna olaraq bəzi insanların hüquqlarının qorunmasını təmin etmək mümkün olsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, bu bir az mürəkkəb məsələdir. Ona görə ki, beynəlxalq hüquqda qəbul olunmuş norma-lar var. Bu normalar hamıya aiddir. Kim hansı ölkənin vətəndaşıdırsa, birinci ona aiddir. Fərqi yoxdur, istər Gürcüstan olsun, istərsə də İran. İranda da azərbaycanlılar yaşayırlar. Bu çox mürəkkəb məsələdir.
Bir də ki, biz niyə dədə-baba torpaqlarımızı tərk eləməliyik ki? Mən dünən saytda oxuyuram ki, Gürcüstan mənşəli soydaşlarımızın çoxu Gürcüstana qayıdır, çünki Gürcüstanda başqa perspektivlər açılır.
Bir çox xarici dövlətlərə miqrasiya məsələləri var. Yəni in-sanlar qayıdırlar, qaynayıb-qarışırlar, torpaqlarında yaşayırlar. Biz bununla şərait yaratmış olarıq ki, insanlar bir çətinliklə üzləşən kimi, dədə-baba torpaqlarını tərk edib Azərbaycana gəlsinlər. Ona görə bu qanunun qəbul edilməsi çox mürəkkəb bir məsələdir. Fikirləşmək lazımdır. Aydın Mirzəzadə.
A.Mirzəzadə.  Təşəkkür edirəm, Oqtay müəllim. Hesab edirəm ki, üzərində ciddi şəkildə işlənilib, bütün məsələlər götür-qoy ediləndən sonra bu sənədin Milli Məclisdə müzakirəyə  çıxarılması bunun lüzumluğundan xəbər verir və ona səs verəcəyəm.
Eyni zamanda, fürsətdən istifadə edərək, mən də bir neçə gün ərzində Bakıda baş vermiş bir neçə xoş hadisəyə münasibətimi bildirmək istəyirəm. Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsi sadə bir hadisə deyil. Bu, tarixi bir hadisədir. Bakı ənənəvi olaraq su ehtiyatları ilə məhdud olan bir bölgədir və daim sudan əziyyət çəkib.
Birinci dəfə Bakıya əsaslı su kəməri 1909-cu ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən Şollar su mənbəyindən çəkilmişdi. Həmin dövrdə suya olan ehtiyac ödənilsə də, sonradan Bakı böyüyərək artıq bir meqapolisə çevrildi. 1972-ci ildə yenə Azərbaycanın rəhbəri Heydər Əliyev tərəfindən Bakının su ilə təchizatında çox inqilabi bir addım atıldı. Kür–Bakı su kəməri çəkildi. Ancaq Bakı böyüyür, inkişaf gedir və Azərbaycan özünün resurslarından istifadə edərək əhalisinin şəraitini daha da yaxşılaşdırmağa çalışır. Bu, in-diki iqtidarın apardığı siyasətin aparıcı xətlərindən biridir.
Çox gözəl ki, vaxtilə Hacı Zeynalabdin Tağıyev və sonralar Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən başlanmış bu xeyirxah iş bu gün davam etdirilir. Bir neçə gün bundan əvvəl su kəmərinin açılışı, demək olar ki, Bakının su problemini əsaslı şəkildə həll edir.
Bu, son addım deyil və biz bundan sonra da bunun da-vamını hiss edəcəyik. Ən əsası ondan ibarətdir ki, Azərbaycanın və Bakı şəhərinin əsrlərlə yığılıb qalmış problemləri qətiyyət və uzaqgörənliklə həll edilir. Bu gün Bakının müasir şəhər görüntüsü alması üçün bir-birinin ardınca çox mühüm addımlar atılıb. Hər gün yeraltı keçidlərin, körpülərin salınması, yol qovşaqlarının açılması artıq bizim üçün adi bir hadisəyə çevrilir.
Bir informasiya –Bakıda yeni bir dənizkənarı parkın açılması diqqətdən yayındı. Bu, vaxtilə Bakı neft milyonçu-larının 1900-cü ildən arzuladıqları böyük bir layihə idi. 1916-cı ildə Bakı milyonçuları yığışaraq Bayıldan Zığa qədər olan dənizkənarı hissəni parka çevirmək barəsində bir qərara gəldilər, ancaq oktyabr çevrilişi, Azərbaycanın sovetləşməsi bu layihənin qarşısını aldı. Bununla belə, 100 il bundan əvvəl ortada olan xoş niyyəti – Bakı bulvarının böyük bir parka çevrilməsi layihəsini bu gün cənab Prezi-dent addımbaaddım gerçəkləşdirdi.
Bir sözlə, indiki iqtidar hansı sahəyə diqqət edirsə, hansı sahənin inkişaf etdirilməsi üçün layihələr irəli sürürsə, onlar həll edilir. Dünya maliyyə böhranı keçirdiyi halda Azərbaycanda düşünülmüş iqtisadi siyasət nəticəsində ümumi daxili məhsul artır. Gəlir, ilk növbədə, neftdən gələn gəlir əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, yeni evlərin tikilməsinə, problemlərin həll edilməsinə yönəlir. Bunun özü göstərir ki, seçilən yol düzgündür. Seçilən lider əhalinin, seçicinin etimadını doğruldur və Azərbaycan par-lamenti də bu siyasəti dəstəkləyir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən görürəm, hamı Oğuz–Qəbələ–Bakı su kəmərindən danışdı. Həqiqətən, bu su kəmərinin çəkilməsi tarixi bir hadisədir. Cənab Prezident çıxışında da bunu söylədi. Cənab Prezident dedi ki, Bakı şəhərində və eləcə də Azərbaycanın bütün rayonlarında iki-üç il ərzində su problemi həll olunacaq.
Bilirsiniz, respublikada işıq problemi, demək olar ki, yoxdur, qaz problemi artıq öz həllini tapır. İnfrastruktur, su-kanalizasiya layihələrinə cənab Prezident çox böyük diqqət yetirir, böyük investisiyalar ayrılır. Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsinin nəticəsi budur ki, 50 il sonra da, Bakının əhalisi 5–7 milyona qalxanda da şəhəri su ilə  təchiz eləyə bilsinlər. Ona görə bu layihənin çox böyük dəyəri və mənası var. Mən fikir verirəm, bu barədə televiziyalarda danışırlar, bütün jurnal və qəzetlərdə yazırlar. Bu, doğrudan, bir bayramdır. Etibar Hüseynov.
E.Hüseynov.  Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də qarşıdan gələn bayramlar münasibətilə hamını, o cümlədən zalda əyləşən jurnalist həmkarlarımı təbrik edirəm. Xüsusilə bizə təbriklər, hədiyyələr göndərən ayrı-ayrı müəssisə rəhbərlərinə, səfirliklərə, o cümlədən hörmətli Sədr, Sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Burada yoldaşlar qeyd etdilər, yaxşı əlamətdir ki, biz yeni ilə xoş xəbərlərlə addımlayırıq. Bakıdan Naxçıvana uçan təyyarə biletinin qiymətinin endirilməsi, o cümlədən Bakıya çəkilən su kəməri yeni ildə bizə çox böyük hədiyyə oldu. Artıq Azərbaycan dövləti o qədər qüdrətlənib ki, biz yaxın gələcəkdə qiymət endirimi təklifi ilə tez-tez gündəmə çıxmalı, bu barədə təkliflər verməliyik. Mən çox istərdim ki, biz yaxın gələcəkdə Bakıətrafı kəndlərdə, Azərbaycanın rayonlarında, kəndlərində, o cümlədən sərhədyanı kəndlərdə qazın, işığın qiymətlərində endirim məsələsinə baxaq. O cümlədən Bakıya çəkilən su kəməri ilə əlaqədar şəhər əhalisinin də su pulunda müəyyən endirimlər edilməsi məsələsini gündəmə gətirək.  
Hörmətli Sədr, mən həmçinin son günlərin aktual mövzu-suna çevrilmiş vahid məktəbli formasına da münasibətimi bildirmək istəyirəm. Bu barədə mətbuatda öz fikirlərimi geniş şəkildə bildirdiyimə görə qısa danışmaq istəyirəm. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada elə bir uniforma yoxdur ki, orada baş örtüyü nəzərdə tutulmasın. Poli-sin, həkimin, təyyarəçinin, hərbçinin, aşpazın, tikintidə işləyən fəhlənin – bunların hər birinin baş örtüyü var və mövsümə uyğun olaraq bir neçə baş örtüyü nəzərdə tutulur. Lakin bizim Təhsil Nazirliyimizin təsdiq etdiyi vahid məktəbli formasında baş örtükləri nəzərdə tutulmayıb və bu da müəyyən problemlərə, söz-söhbətlərə gətirib çıxarır. Mənə elə gəlir ki, Təhsil Nazirliyi ilk növbədə vahid məktəbli formasında dəyişiklik etməlidir. İlk növbədə baş örtükləri tətbiq olunmalı və əlcəklər, şərflər də təklif olun-malıdır. Məhz bundan sonra məktəbə gələn uşaqların ba-şlarını nə ilə örtməsinə nəzər yetirmək olar. Bu, tətbiq olu-narsa, oğlanlardan başa ya papaq, ya da kepka qoymaq tələb olunacaqsa, qızlardan da baş örtüyü kimi yaylıq, kəlağayı, – adını “hicabdan” başqa necə qoymaq olarsa, qoyaq, – tələb eləyək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də bütün təbriklərə qoşuluram. Xüsusilə qeyd etmək istəyirəm ki, dünən hamı şahidi oldu,  jurnalistlərə göstərdiyi daim diqqət və qayğının nəticəsi olaraq jurnalistlər arasında keçirilən sorğu əsasında möhtərəm Prezidentimiz bu il “Jurnalistlərin dostu” mükafatına layiq görüldü və dünən təntənəli şəkildə təqdimat mərasimi keçirildi. Nəzər salsaq, görərik ki, ümummilli liderimizdən başlayaraq bu günə qədər Prezidentlərimiz tərəfindən söz və mətbuat azadlığına xüsusi diqqət göstərilib. Ümummilli liderimiz tərəfindən başlanan bu yol Prezidentimiz tərəfindən davam etdirilir. Mətbuatın borclarının ödənilməsi, mətbuat işçilərinə müxtəlif adların verilməsi, mətbuatın yubileylərinin keçirilməsi, mətbuat işçiləri üçün yeni evlərin tikilməsi və sair bu qəbildəndir. Ayrı-ayrı sferaları kənara qoysaq, elə bu hadisə fikirlərimizi sübut etməyə kifayət eləyir. Möhtərəm Prezidentimizə “Jurnalistlərin dostu” mükafatının verilməsi çox böyük bir hadisədir. Mən hesab edirəm ki, gələcəkdə də bu proseslər davam edəcək.
Oqtay müəllim, burada həmkarlarım su kəmərinin çəkilişi ilə əlaqədar danışdılar. Bu işdə, təbii ki, ümummilli liderimizin ideya-siyasi xəttini, Prezidentimizin bu işi reallaşdırmasını xüsusi şəkildə qeyd edirik. Oqtay müəllim, Sizin də burada xidmətləriniz var. Mənim çox yaxşı yadımdadır ki, ümummilli liderimizin keçirdiyi müşavirədə bu təklifin irəli sürülməsi və sonradan onun işlənib ortaya qoyulması Sizin tərəfinizdən həyata keçirilib. Sizin üçün bu, ikiqat bayramdır. Vaxtilə irəli sürülən ideyanın reallaşması və gecə-gündüz fəaliyyət göstərilməsi, doğrudan da, böyük və vacib məsələdir. Ən əsası ondan ibarət idi ki, burada xarici ölkələrin imkanlarından istifadə olunmayıb. İstifadə olunan məhsulların böyük əksəriyyəti, demək olar ki,  Azərbaycanda istehsal olundu və bu da Azərbaycanda yeni istehsal müəssisələrinin açılmasına xidmət elədi. Gələcəkdə həmin müəssisələrdən digər məqsədlər üçün də geniş şəkildə istifadə etmək olar. Bu münasibətlə Sizi də təbrik edirik, Sizə də uğurlar arzulayırıq.
Mən bir neçə məsələyə də toxunmaq istəyirəm. Burada Naxçıvanla bağlı məsələlər qeyd olundu. Blokada şəraitində olan Naxçıvanda bu gün bütün sahələrdə quruculuq, abadlıq işləri gedirdi, amma bu təyyarə məsələsi bir az köhnəlikdə qalmışdı. Prezidentimizin göstərişi nəticəsində Naxçıvana yeni təyyarələrin verilməsi oradakı inkişafın uzlaşmasına xidmət eləyən bir addım oldu. Biletlərin qiymətinin aşağı salınması da vacib olan şərtlərdən biridir. 
Həmkarım Fazil müəllim burada Gürcüstan azərbaycanlıları ilə bağlı məsələ qaldırdı. Bu gün Azərbaycan dövləti tərəfindən orada çox böyük işlər aparılır. Azərbaycan dövlətinin öz təşəbbüsü ilə orada məktəblər tikilir, yollar çəkilir, müəyyən infrastrukturun yaradılmasına köməklik göstərilir və sair. Ümummilli liderimiz demişdi ki, Azərbaycan dünya azərbaycanlılarının hər birinin vətəni olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşı hansı ölkənin vətəndaşıdırsa, o ölkənin strukturlarında çalışmalı, irəliləməli və yer tutmalıdır. Onların dilini, mədəniyyətini öyrənməli və inteqrasiya etməlidir.
Onlar bu gün Gürcüstanın polisində, Prezident Aparatında işləməli,  Gürcüstanın parlamentində olmalıdırlar. Vaxtilə parlamentdə 5 nəfər azərbaycanlı vardısa, bu gün bir-iki nəfər təmsil olunur. Biz maraqlandıq, deyirlər ki, çoxu dili bilmir, çıxış eləyə bilmir. Təbii ki, orada iclas gürcü dilində aparılır, Azərbaycan dilində yox. Orada yaşayırlarsa, bütün bu məsələlərə diqqət verməlidirlər. Bu gün Azərbaycan dövləti tərəfindən onlar üçün dil kurslarının təşkili məsələləri qoyulur. Əgər hər hansı bir çətinliyə görə o dəqiqə sərhədi keçib hamı bu tərəfə toplaşsa, onda nə İranda, nə Gürcüstanda, nə də başqa yerdə azərbaycanlı qalmayacaq. Ona görə də azərbaycanlıların hamısı əsas fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Onların arxasında güclü Azərbaycan dövləti dayanıb və hər addımda diqqət, köməklik göstərir.
Məktəbli forması ilə əlaqədar bir-iki kəlmə demək istəyirəm. Dünyanın hər yerində məktəbli forması var. Mən keçən dəfə burada dedim, Oksfordda da var, türk liseylərində də. Azərbaycanda da düzgün olaraq məktəbli forması tətbiq ol-unur. İndi sinifdə kimsə papaqla oturur, kimsə başına yaylıq bağlayıb və sair. Sinif dərs yeridir, burada dərs öyrənilir. Kiməsə soyuqdursa, hər bir məktəbin qarderobu var, çıxarıb verir və sinfə daxil olur. Söhbət bundan gedir.
Keçən dəfə hörmətli Sədr, Siz düzgün qeyd elədiniz ki, şəhərdə kimin hansı formada gəzməsi ilə bağlı nə parlament, nə də hər hansı bir nazirlik qərar qəbul edib. Kim necə istəyir, elə gəzsin. İstəyir başı bağlı gəzsin, palto geyinsin. Amma müəyyən strukturlar özləri ilə bağlı qərar qəbul edirlər. Məsələn, daxili işlər orqanı qərar qəbul edir ki, yayda qolsuz köynəkdə gəzəcəyəm. Bu onun daxili qərarıdır, orada çalışan hər bir şəxs buna tabe olmalıdır. Gömrük və yaxud da digər orqanlarda bu belədir. Uniforma ilə məktəbli forması eyniləşdirilə bilməz. Uniforma tamamilə başqa bir şeydir. Mən hesab edirəm  ki, məktəbli forması ilə əlaqədar aidiyyəti strukturların verdiyi qərar tamamilə uyğundur. Türk liseyində oxuyanların paltarı tamamilə başqadır. Azərbaycan vətəndaşı öz övladını türk liseyinə qoyursa, o formanı qəbul eləməlidir, onu geyinməlidir və o sistemdə də tədrislə məşğul olmalıdır. Qəbul etmirsə, aparsın uşağını başqa məktəbə qoysun. Bu gün məktəb deyir ki, mənim tələbim budur. Mən bu cür müzakirələrə gələcəkdə də heç bir ehtiyac görmürəm. Mən hesab edirəm ki, konkret olaraq o işlə məşğul olacaq orqan öz qərarını verib. Oqtay müəllim, xahiş edirəm ki, gündəlikdə olan məsələni səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən Yeni il qabağı heç kimin sözünü kəsmək istəmədim. Düzdür, Qüdrət Həsənquliyev dedi ki, Nizamnamə pozuldu, amma təklif olmamışdı. Mən indi fikir verirəm, hərə bir mövzuda çıxış elədi, gündəlikdəki məsələ kənarda qaldı. Bir nəfər də “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklərdən danışmadı.
Yeni il qabağıdır, ona görə hər şey olar. Amma xahiş edirəm, gələcəkdə cari məsələlər müzakirə olunmursa, hamı gündəlikdəki məsələ ətrafında danışsın. Əgər etiraz yoxdur-sa, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Qanun layihəsində təklif olunur ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 87-ci maddəsinə 87-1-ci maddə əlavə olunsun. Bu maddə qadın polis əməkdaşlarının sosial müdafiəsinə həsr olunub. Amma hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, eynilə bu cür müddəa Əmək Məcəlləsində mövcuddur və bu gün də qadın polis əməkdaşları bu hüquqlardan istifadə edirlər. Bu baxımdan hesab edirəm ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə bu əlavənin edilməsi, əslində, texniki məsələdir və bütövlükdə qanunvericiliyin nizamlanmasına xidmət edir. Mən millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Texniki məsələni müzakirə eləmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Mən bu qanun layihəsinə səs verəcəyəm. Polis sıralarında qadın polis əməkdaşlarının sayının artması günümüzün reallıqlarından biridir və layihədə nəzərdə tutulan əlavə də bu reallıqdan irəli gəlir. Lakin iş orasındadır ki, harada işləməsindən asılı olmayaraq, qadın qadındır, xanımdır. Uşaqların dünyaya gəlməsində, tərbiyəsində qadının böyük rolu vardır. Bu mənada qadın polis əməkdaşlarının məzuniyyət məsələlərinin tənzimlənməsinə böyük ehtiyac vardır. Əlbəttə, polis orqanlarında çalışan qadınlara müəyyən güzəştlərin edilməsi qanunvericiliklə tənzimlənməlidir. Bu mənada mən təqdim edilmiş qanun layihəsini dəstəkləyirəm.
Bununla yanaşı, xırda bir qeydimi də bildirmək istəyirəm. Əlavə edilən 87-1-ci maddədə göstərilir ki, qismən ödənişli sosial, habelə uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət müddəti xidmət illərinə və pensiya üçün xidmət illərinə əlavə edilir. Əlbəttə, bu, qadın polis əməkdaşlarının hüquqlarını qoruyan bir müddəadır və bununla mən tamamilə razıyam. Amma burada qeyd eləmək lazımdır ki, mövcud pensiya qanunvericiliyinə görə pensiya üçün ümumi staj deyil, sığorta stajı əhəmiyyətə malikdir. Bu qanun layihəsində isə göstərilməyib ki, qadın polis əməkdaşının həmin məzuniyyət müddətləri onun pensiya stajına daxil edilir, ya edilmir. Hörmətli Əli müəllim bəlkə də bu məsələni müəyyən qədər izah edə bilər. Çıxışımın əvvəlində dedim ki, mən bu qanuna səs verəcəyəm. Amma gələcəkdə bu qanunla bağlı, – ziddiyyət deməzdim, – müəyyən bir uyğunsuzluq və ya anlaşılmazlıq yaranmasın deyə, bu gün nə isə etmək mümkündürsə, onu etmək lazımdır.
Qarşıdan əziz bayramlar gəlir. Bu bayramlar münasibətilə mən də sizin hamınızı ürəkdən təbrik edirəm. Təbii ki, bu bayramlarda hədiyyələr, təbriklər çox olur. Amma ölkə rəhbərliyinin atdığı addımlar bizim üçün, Azərbaycan ictimaiyyəti üçün xüsusilə böyük hədiyyədir. Sizin də par-lament üzvlərinə ünvanlanan təbrikləriniz bizim üçün o təbriklərin ən qiymətlisidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Sədr, hörmətli Məclis iştirakçıları, hamınızı salamlayır və hamı kimi təbriklərə qoşuluram. Mən istəyirəm, müzakirə olunan konkret məsələ ilə bağlı qısaca fikrimi bildirim. Əvvəla, bu Əsasnaməyə 87-1-ci maddənin əlavə olunması birbaşa dövlət tərəfindən qadınlara olan münasibətin təzahürüdür. Xüsusilə hüquq mühafizə orqanlarında çalışan qadınlara bu cür humanizmin nümayiş etdirilməsi, mənə elə gəlir ki, hamının ürəyicədir. Avropa ölkələrində qadınlar bütün sahələrdə, o cümlədən hüquq mühafizə orqanlarında uğurla çalışırlar. Amma çox təəssüf ki, bu gün Azərbaycan polisində qadınların sayı azdır. Mən hesab edirəm ki, Əsasnaməyə əlavə olunan bu maddə bir daha qadınları bu orqanlarda işləməyə həvəsləndirəcək.
Xanhüseyn müəllimin bayaq qeyd etdiyi məsələ ilə bağlı mən də fikrimi bildirmək istəyirəm. Xroniki xəstəliyi olan uşaq 4 yaşına çatana qədər, yəni 3 yaşdan sonrakı bir illik dövrdə ananın bu uşağa qulluq etmək üçün işləməməsinə və bunun əmək stajına hesablanması məsələsinə biz birmənalı yanaşmalı deyilik. Bu, ananın öz arzusu ilə deyil. Burada birinci bəndin aşağı hissəsində qeyd olunur ki, bu, həkim rəyi əsasında olur, yəni qadının işləmək arzusu olduğu halda həkimlər onun işləməsini qadağan edir. Bu baxımdan mən o bir illik müddətdə də qadının bütün hüquqlarının saxlanılmasının tərəfdarıyam. Ümumilikdə hesab edirəm ki, bu qanuna səs vermək lazımdır.
Bir şeyi də qeyd edim. Bayaq dövlət başçısı tərəfindən atılan addımlar qeyd olundu. Amma heç kəs demədi ki, dünən cənab Prezident tərəfindən əfv fərmanı verilib və bu əfv fərmanı nəticəsində 92 ailəyə sevinc bəxş olunub. Bu, yüzlərlə insan deməkdir. Mən bu cür humanist addımların za-man-zaman cənab Prezident tərəfindən atılmasını alqışlamaqla bərabər gələcəkdə də bu cür addımların atılması ar-zusu ilə hamınıza bir daha xoş arzularımı çatdırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, nə isə demək istəyirsiniz? Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, sadəcə, gələcəkdə bu cür situasiyalar təkrar olunmasın deyə, bir daha vurğulamaq istəyirəm ki, bu layihənin meydana çıxması qanunvericilikdə edilən düzəlişlə bağlı deyil, əlavədir. Bu müddəalar qüvvədədir. Hazırda qadın polis əməkdaşları pensiya yaşına çatdıqda həmin 3 il, 4 il stajdan da bəhrələnə bilirlər. Yəni təcrübədə heç bir problem yoxdur. Biz artıq Əmək Məcəlləsində olan müddəanı bura köçürürük ki, onu tətbiq edən orqanlar üçün daha rahat olsun. Ona görə bir daha vurğulayıram, bu, sırf texniki məsələdir və biz buna ancaq səs verməli idik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu, texniki məsələdir. Mən əvvəllər də demişəm, indi Milli Məclis yenidən işə başlayanda bir də deyirəm. Bəzən hər hansı məsələ müvafiq komitədə müzakirə olunduqdan sonra o komitənin  üzvləri Milli Məclisin iclasında həmin məsələni yenidən müzakirə etməyə başlayırlar. Ona görə gələcək işinizdə nəzərə almağınızı xahiş edərdim, əgər qanun layihəsi ilə bağlı fikirləriniz varsa, onları ən əvvəl komitədə  söyləmək lazımdır. Mən indi baxıram, bu komitənin iclasında 10 nəfər iştirak edib, 10 nəfər də lehinə səs verib. Amma bəzən olur ki, 10 nəfər lehinə səs verir, Milli Məclisin iclasında isə ikisi, üçü başqa çıxışlar edir. Hamısını gələcək üçün deyirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Artıq layihənin adından da məlum olduğu kimi, təqdim olunmuş bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər “Fərdi məlumatlar haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Daha dəqiq desək, “Fərdi məlumatlar haqqında” Qanunda biz fərdi məlumatları daxil olma növünə görə iki hissəyə bölmüşdük – konfidensial və açıq kateqoriyalı məlumatlar. Bu, “Fərdi məlumatlar haqqında” Qanunun məlum müddəasıdır, parlamentdə qəbul olunub. Yəni bu cür məlumatlar iki xarakterlidir. Təbii ki, konfidensial məlumatların özünün qorunma sistemi mövcuddur. O, qanunla mühafizə olunur. Müvafiq dövlət orqanı da bunu təmin etməlidir. Amma fərdi məlumatların açıq növü də var. Bax məhz bununla əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” qanunlara bu müddəalar köçürülür.
Amma burada bir əlavə də var. Bu, İnzibati Xətalar Məcəlləsinə edilən əlavədir. Söhbət yenə də “Fərdi məlumatlar haqqında” Qanunda öz əksini tapmış müddəadan gedir və bu əlavədə fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Həmin qanun-vericiliyin pozulmasına görə 300 manatdan 500 manatadək miqdarda cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu, mü-vafiq inzibati xətaya adekvat olan bir cəza növüdür.  Mən millət vəkillərindən bütövlükdə layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.17-ci maddəsi gəlir vergisindən azadolmalar və güzəştlər barədədir. Bu güzəştlər Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən aylıq əlavə pul təminatından ibarətdir. İndi yeni redaksiyada bu maddəyə “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına” sözlərindən sonra “hakimlərə” sözünün əlavə edilməsi təklif olunur. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən bu düzəlişlərin tərəfdarıyam. Amma vaxtilə mən Milli Məclisdə söyləmişdim ki, biz regionların inkişafı üçün mütləq regionlarda tikilən istehsal və emal müəssisələrini vergilərdən iki il azad etməliyik və növbəti 10–15 il ərzində də onlar üçün ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Bu barədə ciddi düşünülməlidir. Bu, iqtisadi islahatların tərkib hissəsi kimi həyata keçirilməlidir. Dünyanın Böyük Britaniya kimi inkişaf etmiş ölkəsində yeni açılan istehsal müəssisəsi 2 il vergidən azad olunur.
Görürsünüz, Bakı gündən-günə necə yüklənir. Dünən də Prezident bir 5 dənə yeraltı keçidin açılışında iştirak elədi. Yeni körpülər tikilir, yollar salınır, amma Bakıda tıxac prob-lemi öz həllini tapmır, paytaxtda bu gərginlik qalmaqda da-vam edir. Ona görə ki, rayonlardan hamı Bakıya axışır.
Bax biz 2 ay bundan öncə dövlət büdcəsini təsdiq elədik. Vergilər yolu ilə toplanan təqribən 4 milyard 400 milyon manatın 4 milyon 100 minə qədəri tək Bakı şəhərindən yığı-lan vergilərdir. Budur real vəziyyət, ortada olan əsas göstərici. Ona görə mən hesab edirəm ki, bu məsələ Milli Məclis tərəfindən də gündəmə gətirilməlidir. Bizim hökumət bunun üzərində çox ciddi düşünməlidir. Biz ona nail olmalı-yıq ki, insanlar Bakıdan rayonlara axışsınlar, istehsal, emal müəssisələri yaratsınlar və Bakı da yüklənməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bildiyimiz kimi, həyata keçirilən məhkəmə hüquq islahatları nəticəsində re-spublikamızın bir sıra regionlarında regional ədliyyə şöbələri yaradılmışdır. Amma “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1-ci maddəsində bu şöbələrin adının çəkilməməsi həmin şöbələrdə çalışan ədliyyə əməkdaşlarının müvafiq ədliyyə geyim forması ilə təmini üçün əsas yarat-mırdı. Buna görə də təklif olunur ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”  Qanunun 26.1-ci maddəsində “xidmətlərində” sözündən sonra “regional ədliyyə şöbələrində” sözləri əlavə olunsun. Beləliklə, biz regional ədliyyə şöbələri işçilərinin də müvafiq ədliyyə geyim forması daşıması üçün qanunvericilik bazası yaratmış oluruq. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki sonuncu məsələmiz Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi haqqındadır. Bahar Muradovaya söz verək, müraciəti oxusun.
 
B.Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar, dəyərli həmvətənlər! Uca və qüdrətli millətimiz üçün sonsuz qürur hissi ilə qeyd etdiyimiz Dünya azərbaycanlılarının həmrəyliyi günündə hər birinizi ürəkdən salamlayırıq.
19 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada, Ame-rikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər. 
Dövlət müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır. Bu ilin noyabr ayında Milli Məclisə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında yeni bir mərhələ açmışdır.
Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.
Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin sağalacağı, 1 milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günləri intizarla gözləyirlər. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin köməyi ilə bu problemin də nizama salınmasına nail olacağıq. Ancaq bü-tün dünya azərbaycanlıları səylərini birləşdirsələr, problemin həllini daha da yaxınlaşdıra bilərlər.  Soydaşlarımız  və  həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də çox iş görə bilərlər.
Əziz bacı və qardaşlarımız! Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, Azərbaycanımıza işıqlı gələcək arzulayırıq! 
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, sizin bu alqışlarınız Müraciətin təsdiq edilməsi deməkdir. Çox sağ olun.
Bugünkü iclasımız qurtardı. Mən bu ilin payız sessiyasını bağlı elan edir, 15 günlük tətil müddətində hamınıza xoş istirahət arzulayıram. Sağ olun.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU