11.02.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ
PROTOKOLU № 7
Milli Məclisin iclas salonu.
11 fevral 2011-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Sənan Muxtarov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin müdiri.
Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ramiq Həşimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
Həbib Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Qədir Xəlilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Səttar Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Əbülfəz Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
İlham Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Camal Axundov, Azərbaycan Respublikası Auditorlar Palatasının Audit qanunvericiliyi şöbəsinin müdiri.
Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
3. Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
4. “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011–2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
6. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
8. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında.
11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Məsimli, Asim Mollazadə, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Fərəc Quliyev, Fuad Mura-dov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Əli Hüseynli
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Zahirov, Arif Rəhimzadə, Məlahət İbrahimqızı, Gülər Əhmədova, Əli Məsimli, Vahid Əhmədov, Yevda Abramov, Tahir Süleymanov, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Azay Quliyev, Qənirə Paşayeva, Çingiz Qənizadə, Astan Şahverdiyev, Fəzail İbrahimli, Qalib Salahzadə, Hikmət Atayev, Bahar Muradova
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.11 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
5. “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.13 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011–2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
7. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
9. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Azay Quliyev, Əli Məsimli, Eldar İbrahimov, Əli Hüseynli, Arif Rəhimzadə, Fuad Muradov, Qüdrət Həsənquliyev, Səfa Mirzəyev, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.44 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Ziyafət Əsgərov, Leyla Abdullayeva, Qüdrət Həsənquliyev, Fuad Muradov, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.08 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
11 fevral 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamınızda var, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, müzakirələri gündəlik ətrafında aparaq. Əli Məsimli buyursun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Gündəlikdəki 1-ci məsələ bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağlıdır. Bu istiqamətdə fikrimizi deyəcəyik. Amma artıq 10 gündür, mətbuatda hallanan bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Əgər bələdiyyələr torpaq sahəsi ayırırsa, orada nə isə tikmək lazımdır. Yəqin ki, torpağı onun üçün verib. Əgər onun üzərində nə isə tikilirsə, vaxtında qeydiyyata alınmalıdır ki, müxtəlif hadisələr baş verməsin.
O nöqteyi-nəzərdən əgər 10 gündür, Şəkidə baş verən hadisə mətbuatda hallanırsa, bu, təsadüfi deyil. Allah mərhuma rəhmət eləsin. Amma onun ruhu o vaxt rahat olar ki, məhz onun dünyasını dəyişməsi ilə belə məsələlərə son qoyulsun, bu problemlər ekskavator vasitəsilə deyil, məhkəmə yolu ilə həll olunsun. Kimlər kimdənsə qisas almaq istəyirsə, mən bunu pisləyirəm. İstəyirəm ki, belə hallar genişlənməsin.
O insanın həyat yoldaşı və bir uşağı xəstədir. Dövlət, müvafiq qurumlar tərəfindən onlara yardım olunsun. Orada olmasa da, başqa bir yerdə ona torpaq sahəsi ayrılsın ki, ailəsi ağır vəziyyətə düşməsin. Nəhayət, qanunvericilikdə əlavə dəyişikliklər etmək lazımdırsa, edilsin. Həmin tikililər qeydiyyata alınmalı və sökülən zaman onların dəyəri bazar qiyməti ilə ödənilməlidir. Belə olarsa, bu cür hadisələr də olmaz. Şəkidən seçilən deputatların adından da mərhumun ailəsinə baş sağlığı verirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Prezidentin göstərişi ilə ölkədə korrupsiya ilə mübarizə istiqamətində müvafiq işlər aparılır. Son vaxtlar bizim bir sıra nazirliklərimiz bu sahəyə diqqət yönəldir, müvafiq müşavirələr, toplantılar keçirilir. Zənnimcə, Milli Məclis korrupsiyaya qarşı mübarizədə sistemli islahatların həyata keçirilməsinə öz töhfəsini verə bilər.
İlk növbədə diqqət təhsil sistemində islahatların və müvafiq qanunvericilik bazasının yaradılmasına yönəldilməlidir. Biz ötən dövrlərdə parlamentdə “Təhsil haqqında” Qanun qəbul elədik. Lakin bununla bərabər, ali təhsil və orta peşə təhsili ilə bağlı ciddi islahatların həyata keçirilməsinə ehtiyac var. Bu gün Azərbaycan müəlliminin məvacibi onun cəmiyyətdəki hörmətini təmin eləyə bilmir. Sovet sistemindən bizə miras qalmış aşağı əmək haqqı imkan vermir ki, yüksək, peşəkar səviyyəyə malik olan insanları məktəb sisteminə cəlb eləyə bilək. Biz tezliklə orta təhsillə bağlı müvafiq qanun qəbul etməliyik ki, bu sahədə ciddi islahatlar həyata keçirilsin. Əslində, Azərbaycan müəllimi rüşvətxor deyil. Bu gün 80–100 manat maaş alan müəllimin ağır əməyi tamamilə fərqli şəkildə maliyyələşdirilməli və bu istiqamətdə parlamentdə ciddi işlər görülməlidir.
Səhiyyə sistemini götürək. Belə çıxır ki, Azərbaycan həkimlərinin hamısı rüşvətxordur? Bu belə deyil axı. Bu sahədə də sovet sistemindən qalan ənənələr hələ də dəyişməyib. Parlamentdə tibbi sığorta ilə bağlı müvafiq qanun qəbul eləməyimizə baxmayaraq, hələ də bu sistem işləmir və Azərbaycan vətəndaşları tibbi sığorta sistemindən bəhrələnə bilmirlər. Öz sağlamlığı ilə bağlı bütün yük vətəndaşın üzərinə düşüb. Parlament yenidən bu qanuna qayıtmalı, sığorta sisteminin Azərbaycanın səhiyyə sistemində mövcudluğu üçün öz töhfələrini verməlidir. Biz korrupsiya ilə mübarizənin sistemli şəkildə həyata keçirilməsi üçün qanunvericilikdə zəruri islahatları həyata keçirə bilsək, onda bu çox ciddi nəticə verə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən millət vəkili kimi təklif edərdim ki, gündəliyə bir neçə məsələ salınsın. Birincisi, bu gün Azərbaycan hökuməti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apardığını bəyan edirsə, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyaya Azərbaycanın ictimai-siyasi təşkilatlarının nümayəndələri də daxil edilsinlər ki, bu, şəffaf şəkildə həyata keçirilsin və cəmiyyət də bunun kampaniya xarakterli olmadığını, doğrudan da, cəmiyyətin demokratikləşməsinə, korrupsiya və rüşvətxorluğun azaldılmasına, bütövlükdə neqativ halların qaldırılmasına xidmət edən bir aksiya olduğunu görsün. Bilirsiniz ki, komissiyanın tərkibində cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri var. Amma çox təəssüflər olsun ki, orada parlament azlığında qalan müxalifətin, o cümlədən ictimai-siyasi təşkilatların, parlamentdə təmsil olunmayan qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri yoxdur. Təklif edirəm ki, ictimai nəzarəti bütün sferalarda həyata keçirmək üçün yenidən bu tərkibdə bir komissiya formalaşdırılsın və o komissiya da cəmiyyətlə mütəmadi əlaqə saxlasın. Hesab edirəm, ictimai nəzarət mexanizmi bu şəkildə daha səmərəli təşkil oluna bilər.
İkinci, mənə Sabirabad rayonunun 7 kəndindən müraciət daxil olub. O müraciətdə Sabirabad rayon mərkəzi ilə bu 7 kəndin arasında heç bir əlaqənin olmamasını, köhnə körpünün təhlükə mənbəyi olmasını və insanların o təhlükə mənbəyindən çox riskli şəkildə keçməsini xatırladırlar. Hökumətdən də tələb edirlər ki, xüsusi vəsait ayrılsın, yaxud da Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı xüsusi bir plan irəli sürsün ki, 7 kəndin problemi həll olunsun. Orada çox böyük problemlər var. Mən hörmətli Cavid müəllimə də müraciət edirəm, o körpünün plana salınması, hökumətin gələcək proqramında yer tapması üçün gərəkən nə varsa, edilsin. Milli Məclis də bununla bağlı hökumətə müəyyən bir tövsiyə versin ki, həmin 7 kəndin camaatı bu problemləri yaşamasın və onlar aradan qalxsın.
Bununla bağlı Sabirabad rayonunda həbs olunan adamlar var. Onlar, sadəcə olaraq, bu problemləri aradan qaldırmaq üçün icra hakimiyyətinə və başqa səlahiyyətli qurumlara məktublar yazıblar, imza toplayıblar. Təəssüflər olsun ki, orada böyük bir ajiotaj yaradıblar, bu adamları həbs eləyiblər. Xeyli sayda adam həbs olunub, ifadələri alınıb. Əhali qorxu içində saxlanılır. Mən hüquq mühafizə orqanlarından tələb edirəm ki, bu cür addımlara son qoysun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış eləyən deputat həmkarlarımın bəzi təkliflərinə qoşuluram. Xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın tərkibində ictimaiyyətin və parlament müxalifətinin təmsilçilərinin də yer almasını bu istiqamətdə fəaliyyətin ancaq faydalı ola biləcəyinə kömək kimi qiymətləndirirəm. Bunun olmasını vacib hesab edirəm.
Hesab edirəm ki, ölkədə korrupsiyaya qarşı mübarizənin başlanması çox gözəl bir təşəbbüsdür. Bu addım çoxdan atılmalı idi. Amma birinci, təşəbbüs başlayır, onun arxasınca kampaniya gəlir. Kampaniya o vaxt səmərəli olur ki, bu artıq proqram xarakterli islahata çevrilsin. İndi bütün cəmiyyət gözləyir ki, bu, islahata çevriləcək, yoxsa hər hansı bir nazirlikdə, idarədə bir aylıq, 15 günlük bir sükunət hadisəsi kimi qalacaqdır. Hər halda hamımız bunun islahata çevrilməsini arzulayırıq. Ona görə də biz – parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası və Böyük Quruluş Partiyası islahat-müxalifət deputat qrupu adından parlamentə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı ciddi təkliflər paketi təqdim elədik. Bu, rəsmi şəkildə təqdim olundu. Oqtay müəllim, Sizdən xahiş edirəm ki, bu məsələ ilə Siz də dərindən maraqlanasınız və bu təkliflərin komitələrdə müzakirə olunmasını təmin eləyəsiniz. Çünki orada ölkəmizdə həm parlamentin fəaliyyətinin gücləndirilməsi, həm də demokratik islahatların aparılması baxımından vacib təkliflər nəzərdə tutulur. Bunun müzakirəsi günümüz üçün çox vacib məsələlərdən biri ola bilər.
İkinci, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Dövlət Neft Fondu haqqında qanun layihəsi hazırlamışdı. Biz də bu layihənin müzakirəsində iştirak etmişdik. Yenə də islahat-müxalifət deputat qrupu tərəfindən parlamentə Dövlət Neft Fondu haqqında qanun layihəsi təqdim elədik. Bu da, bildiyiniz kimi, çox vacib bir qanun layihəsidir. Bizim büdcə gəlirlərimizlə bağlı məsələlərdə Dövlət Neft Fondunun nə qədər mühüm rol oynadığını bilirik. Sizdən bu məsələnin də komitələrdə müzakirəyə çıxarılmasını təmin etməyi xahiş edirik, çünki artıq parlament müstəvisində müxalifətin verdiyi təkliflərin nə dərəcədə nəzərə alınması ölkənin demokratik imici üçün vacib şərtlərdən biridir. Bu olarsa, hər halda konstruktiv əməkdaşlıq imkanları daha da genişlənər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Layihələri vermisiniz, baxılmalıdır. Baxılsın, sonra komitələrə təklif olunacaq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Burada artıq qeyd olundu, doğrudan da, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində son vaxtlar atılan addımlar, Prezidentin çıxışları əhali arasında xeyli ruh yüksəkliyi, ümidlər yaradıb. Bu problem kəskinləşmişdi və artıq onun üstünə getmək zamanı gəlib çatmışdı. Çox təəssüf ki, bəzi siyasi qüvvələr bunu müəyyən proseslərdən qorxu əlaməti, kampaniya xarakterli kimi təqdim eləməyə çalışırlar. Mən buna qətiyyən inanmaq istəməzdim. Əslində, bununla hökuməti sonrakı addımlardan çəkindirmək istəyirlər ki, hakimiyyət bu prosesləri dayandırsın. Mən bunu belə qiymətləndirərdim. Ona görə ki, bu cür addımlar, əslində, müdafiə və təqdir olunmalıdır. Amma hakimiyyət bu cür açıqlamalara, bəyanatlara fikir vermədən islahatları dərinləşdirməli, mübarizəni gücləndirməlidir. Mən də o qənaətdəyəm ki, korrupsiyaya qarşı mübarizə aparmalı olan dövlət strukturlarının rəhbərlərinin iştirakı ilə Milli Məclisdə bununla bağlı bir müzakirə açılsa və bura qeyri-hökumət təşkilatlarının, mətbuatın nümayəndələri də dəvət olunsa, çox doğru olardı. Bununla da Milli Məclis bu məsələyə öz töhfəsini verərdi.
Bu günlərdə korrupsiyaya qarşı mübarizə çərçivəsində bütün ictimaiyyəti narahat edən bir hadisə baş verdi. Respublikada tanınmış bir vəkil kollegiyanın qərarı ilə məhkəməyə verildi ki, vəkillikdən azad olunsun. Oqtay müəllim, bu məni həm hiddətləndirdi, həm də ciddi narahat elədi. Ona görə ki, bilirsiniz, vəkillər müstəntiqlərdən nə qədər şikayət edirlər? Bizim ədalət mühakiməsində çəkişmə prinsipi var. Bir tərəf müdafiə, o biri tərəf ittiham tərəfidir. Tək bizdə yox, bütün dünyada belədir. Bunlar, adətən, bir-birindən şikayət edirlər. Vəkillər müstəntiqdən o qədər şikayət edirlər ki. Elə istintaq orqanlarının rəhbərləri hansı müstəntiqdən şikayət daxil oldusa, həmin müstəntiqi dərhal azad eləsin ki, sən artıq müdafiə hüququnu pozmusan və sair.
Lap tutaq ki, prokurorluq Osman Kazımovla bağlı təqdimat verib və həqiqətən də, orada göstərilən o hüquq pozuntuları olub. Halbuki mən şəxsən buna əmin deyiləm, mətbuatdan oxuduqlarım da bu qənaətə gəlməyə imkan verir. Yəni bu təqdimat daxil olan kimi vəkili azad edərlər? Buna xəbərdarlıq eləmək, nəzərinə çatdırmaq olardı. Ona görə də bu cür addımlarla, əslində, ölkənin imicinə ziyan vurulur. Mən istərdim ki, Milli Məclisin, ölkənin rəhbərliyi bu məsələyə diqqət yetirsin və vəkil Osman Kazımovun hüquqları dərhal bərpa olunsun.
Oqtay müəllim, mən bir məsələni də burada qeyd eləmək istəyirəm. Cənab Prezidentin tövsiyəsi ilə Çingiz Mustafayev fondu və ANS televiziya şirkəti Mübariz İbrahimovu ilin adamı elan eləmişdi. Amma dünən keçirilən tədbirdə nə müdafiə naziri, nə də gənclər və idman naziri iştirak edirdi. Heç onların müavinləri də təşrif buyurmadı.
Sədrlik edən. Sağ olun. Yəqin, dəvət eləməyiblər ki, təşrif buyurmayıblar. İnanmıram ki, dəvət eləsinlər, amma iştirak eləməsinlər. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə təşəkkür eləmək istəyirəm ki, ötən iclaslarda qaldırdığımız çox vacib bir məsələnin həlli ilə bağlı komitələr səviyyəsində işlər görülür. Söhbət ondan gedirdi ki, mənzil növbəsinə dayanan müharibə əlili vəfat edirdisə, onun ailəsi mənzil növbəsindən yararlana bilmirdi. Qanunvericilikdə dəyişikliyin edilməsinə ehtiyac var idi. Cənab Prezidentin şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyi qayğı və diqqəti onların da hiss eləməsi üçün bu çox önəmli idi. Mən çox şadam ki, artıq ayın 16-da bu məsələ komitə səviyyəsində müzakirəyə çıxarılacaq və yaxın zamanlarda parlamentdə baxılacaq. Nəticədə müharibə əlili dünyasını dəyişdiyi zaman ailəsi mənzil növbəsindən yararlana biləcək.
Müharibənin ən ağır zamanlarında və ondan qısa müddət sonra həyatdan köçmüş müharibə əlillərimiz var. Onların müəyyən səbəblərdən növbəyədurma imkanları olmayıb. Onların da ailələrinin bu imtiyazdan yararlanması, yəni dövlət tərəfindən pulsuz mənzillə təmin olunması məsələsi bu dəyişiklikdə öz həllini tapsa, yaxşı olardı. Ola bilsin ki, müəyyən səbəblərdən növbəyə dayanmayıb. Amma bu adam müharibə əlili statusu daşıyırsa və dünyadan köçübsə, onun ailəsi bu imtiyazdan istifadə edə bilməlidir. Mənim xahişim ondan ibarətdir ki, məsələ müzakirə olunanda Sizin göstərişinizlə, tövsiyələrinizlə ona bir az geniş şəkildə baxsaq, bu problemi tamamilə aradan götürə bilərik. Ölkənin imkanları artdıqca buna paralel olaraq şəhid övladlarının gələcəkdə daha çox üzləşə biləcəyi bu imtiyaz problemini ortadan qaldıra bilərik. Çünki şəhid övladları 18 yaşında, əyanidə oxuyursa, 23 yaşında mənzil imtiyazlarını itirmiş olurlar. Eyni zamanda, nəzərə alsaq ki, müharibədən xeyli keçib və bu uşaqların artıq yaşları da artır, onda bu imtiyazı itirənlərin sayı daha çox olacaq. Biz qanunvericilikdə dəyişiklik etməklə bu məsələni də həll etmiş olarıq.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hər vaxtınız xeyir, hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, hər birimiz gündəlik olaraq Qarabağ məsələsi ilə bağlı fikirləşirik və müəyyən axtarışda da oluruq. Qarabağ məsələsində fəal hərəkətlər mərhələsi başlayarsa, bizim hamımız düşünürük ki, ölkəmizin vəziyyəti və bizim davranışımız nədən ibarət olacaqdır. O mənada düşünürəm ki, yaxın zamanda Milli Məclisdə güc, xarici işlər, fövqəladə hallar nazirlərinin iştirakı ilə qapalı dinləmələr keçirilsin və bu məsələ müzakirə olunsun. Hesab edirəm ki, millət vəkilləri də bu təklifi dəstəkləyərlər, çünki bu çox ciddi məsələdir.
İkinci, yaxın zamanlarda Türkiyə ilə çox ciddi strateji əməkdaşlıq müqavilələri imzalandı, ratifikasiya olundu. Bu, Azərbaycan xarici siyasətində alqışlanmalı haldır. Amma indiyə qədər Azərbaycan televiziyalarında filmlərin Anadolu türkcəsindən Azərbaycan türkcəsinə tərcüməsi, məncə, bütün bu məsələləri kölgədə qoyur. Azərbaycan Prezidentinin Türkiyə Böyük Millət Məclisində 45 dəqiqəlik çıxışı Anadolu türkcəsinə tərcümə olunmadı. Cənab Ərdoğanın da buradakı çıxışı tərcümə olunmadı. Mən hesab edirəm ki, bu məsələyə baxmaq lazımdır və biz əgər xalqların yaxınlaşmasını istəyiriksə, bu neqativ hal ortadan qaldırılmalıdır. Bir də, strateji müqavilələrin bağlandığı bir zamanda Türkiyə–Azərbaycan arasında viza rejimi aradan qaldırılsa, yaxşı olar.
Məlumdur ki, yaxın zamanlarda Litva Seymində Qarabağla bağlı qətnamə qəbul olunacaq. Mən hesab edirəm ki, Milli Məclisdə Azərbaycan həqiqətlərini, gedən danışıqlarda Azərbaycanın mövqe və istəklərini özündə ehtiva eləyən bir sənədin qəbul olunması və onun seymə göndərilməsi yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siz Litva Seymi ilə bağlı məsələyə toxundunuz. Litva parlamenti və Azərbaycan parlamenti Treninq proqramında iştirak edirlər. Onlar bizim bütün məsələlərimizi tam aydınlığı, çılpaqlığı ilə bilirlər və bununla məşğuldurlar.
Bundan əlavə, yeri gəlib, izah eləyim. Bildiyiniz kimi, bu yaxınlarda Litva Seyminin spikeri Azərbaycanda rəsmi səfərdə idi və çox məhsuldar danışıqlar aparıldı. Onlar tərəfindən bir çox təkliflər irəli sürüldü. Bilirsiniz ki, Baltika Assambleyası deyilən bir parlament qurumu var. Baltika Assambleyası 3+5 çərçivəsində onların Finlandiya, Norveç, İsveç kimi ölkələrlə parlament qrupları var. Bizi də o qruplara dəvət elədilər ki, bu məsələlərin gələcək inkişafı üçün onlarla işləyək.
Eyni zamanda, belə bir təklif də oldu ki, Azərbaycan parlamentinin, Baltika Parlament Assambleyasının və Vişeqrad Parlament Assambleyasının sentyabrın axırında Azərbaycanda birgə tədbirləri keçirilsin və bu tədbirlər zamanı biz bütün məsələlərimizi izah eləyə bilək. Bu sahədə iş gedir. Mən arzu edərdim ki, millət vəkillərimiz beynəlxalq təşkilatlarda bütün imkanlarından istifadə edərək Azərbaycanın həqiqətlərini olduğu kimi çatdırsınlar. Parlamentlərdə Dağlıq Qarabağla bağlı qəbul olunan qətnamələr çox mühüm sənədlərdir. Əgər bu bir, iki, üç, onlarca parlamentdə qəbul olunsa, yəqin ki, gələcəkdə bunun xeyrini, məsələnin həll olunmasında dəstəyini hiss edəcəyik. Fuad Muradov.
F.Muradov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən onu bildirim ki, Azərbaycanda həyata keçirilən islahatlar uzun müddətdir, başlayıb və bu nə xarici, nə də daxili təzyiqlərlə bağlıdır. Bu, Azərbaycanın şüurlu seçimidir və Azərbaycan hökuməti, Azərbaycan dövləti bu istiqamətdə düzgün, xalq üçün gərəkli dəyişiklikləri, islahatları həyata keçirir. Bu məsələnin birinci tərəfi. Bayaq burada deyildi. Bildirim ki, neft mədənlərində şəffaflıqla bağlı Toni Bleyer tərəfindən təklif veriləndən sonra Azərbaycan dünyada bu təşəbbüsə qoşulan birinci ölkə oldu. Bu gün də bu istiqamətdə işlərimiz proqramlı şəkildə həyata keçirilir. Bununla bağlı fikirlər çox ola, kimsə nəsə deyə bilər. Təbii ki, azad, demokratik ölkəyik, hər bir vətəndaşın fikri var. Amma həqiqət də ondan ibarətdir ki, Azərbaycan bu islahatlara şüurlu şəkildə gedir və bu, mütləq davam edəcək.
Növbəti deyəcəyim məsələ gündəliklə bağlıdır. Oqtay müəllim, biz 2008-ci ildə “Dövlət gənclər siyasəti haqqında” Qanuna dəyişiklik eləmişdik və bu qanunda Gənclər fondunun yaradılması nəzərdə tutulmuşdu. Bu, fərdi və yaxud da təşkilatlanmış gənclərin müəyyən layihələrinə dəstək fondu kimi nəzərdə tutulmuşdu. Mən çox istərdim ki, biz bu məsələyə bir də qayıdaq, çünki qanuna etdiyimiz dəyişiklik hələ də öz əksini tapmayıb. Yəqin ki, bu məsələ ilə birgə maraqlanmalıyıq.
Növbəti bir məsələni deyim. Araşdırma apardıq, gördük ki, bir çox ölkələrdə “Gənc ailələrə dəstək” adlı qanun mövcuddur. Bu qanuna əsasən yeni ailə quran gənclərə dövlət tərəfindən müəyyən imtiyazlar verilir, köməklik göstərilir. Təəssüflər olsun ki, statistikaya görə bu gün Azərbaycanda boşanmaların sayı artır. Bu da son nəticədə ictimaiyyətə, cəmiyyətə mənfi təsir göstərə bilər. Bununla bağlı biz öz təkliflərimizi təqdim edəcəyik və müəyyən araşdırmalar da aparılıb. Çox xahiş edirəm ki, Oqtay müəllim, Siz bu məsələyə dəstək verəsiniz.
Bayaq burada Qənirə xanım müvafiq dövlət qurumlarındakı növbələrlə bağlı danışdı. Hələ bu günə qədər bizdə məlumat yoxdur ki, bu növbələr hansı əsasda formalaşır. Bu istiqamətdə şəffaflıq olmalıdır. Biz bilməliyik ki, icra hakimiyyətlərində hansı meyarla bu növbə yaranır? Növbə sovet vaxtından qalan bir məsələdir. Ümumiyyətlə, növbədə olan insanlar qısa bir zamanda, yaxud uzun müddətdə ev ala biləcəklər, yoxsa yox? Təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Biz fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planını təsdiq etmişik. Bu planın birinci bəndində, əvvəllər olduğu kimi, yenə də deputatların qanunvericilik təşəbbüsü nəzərdə tutulmayıb. Yeri gəlmişkən, demək istəyirəm ki, mən 2007-ci ildə İkili vətəndaşlıq haqqında qanun layihəsi təqdim etmişəm. Mən istərdim ki, o qanun layihəsi müzakirəyə çıxarılsın.
Bu, Konstitusiyamızın 52-ci maddəsindən doğan bir tələbdir. Həmin maddə iki prinsipi nəzərdə tutur. Azərbaycanda anadan olan hər bir şəxs Azərbaycan vətəndaşı hesab olunur. İkinci, qan prinsipidir ki, onlardan törənənlər də Azərbaycan vətəndaşı hesab olunmalıdır. Keçmiş SSRİ məkanında və dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Onların bəziləri yaşadıqları ölkənin vətəndaşıdırlar. Ancaq bizdə ikili vətəndaşlıq haqqında qanun olmadığına görə Azərbaycan vətəndaşı ola bilmirlər. Biz də həmişə möhtərəm Prezidentimizin səviyyəsində elan edirik ki, Azərbaycan nəinki Azərbaycanda yaşayan 9 milyon azərbaycanlının, həm də bütün dünyada yaşayan 50 milyon azərbaycanlının vətənidir. Axı, vətəndaşsız vətən olmur. Ona görə mən hesab edirəm ki, bu qanun layihəsi müzakirəyə çıxarılmalıdır və hər bir azərbaycanlı da öz vətəninə maneəsiz, sıxıntısız, vətəndaş kimi gəlməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Cənab Sədr, mən qısaca üç məsələyə toxunmaq istəyirəm. Bunun birincisi, BMT-nin Azərbaycanda, qaçqın və köçkünlərin işi ilə məşğul olan komissarlığının işi ilə bağlıdır. İrandakı soydaşlarımızın vəziyyətinin necə olduğunu bilirsiniz. O rejimdən qaçıb Azərbaycana sığınan yüzlərcə insan var. BMT nümayəndəliyi onları illər uzunu qapısında əsir-yesir eləyib. Onların hər hansı bir üçüncü ölkəyə getməsinə şərait yaradılmır. Hər millətə şərait yaradılır, azərbaycanlılar üçün xüsusi maneələr var. Beləliklə, Azərbaycanda vətəndaşlığı, qeydiyyatı, heç bir işi olmayan yüzlərcə azərbaycanlı küçələrdə qalıb. Hər kəsə burada iş tapılır, müxtəlif ölkələrdən gəlib işləyirlər, amma biz öz soydaşlarımıza sığınacaq vermirik, BMT-nin buradakı nümayəndəliyi də onlara süni maneələr yaradır. Mən çox xahiş edərdim ki, hər hansı bir şəkildə buna öz münasibətimizi bildirək və onlar bizim İrandan gələn soydaşlarımıza qarşı daha diqqətli olsunlar.
İkinci deyəcəyim məsələ bizim hərbi sənaye sahəsi ilə bağlıdır. Son vaxtlar Azərbaycan mətbuatında ordumuzun inkişafı, orduya dövlət qayğısının artması ilə bağlı məlumat verilir. Amma mətbuatda hərdən elə yazılar gedir ki, düzü, bunlar məni heyrətə salır. Senzura yoxdur, bunu başa düşürük, amma hərbi sənayedə olan hər şeyi mətbuata çıxarmalıyıq, hər şey haqda yazmalıyıq? Hesab edirəm ki, bu həmin sənaye müəssisələrindən sızdırılıb. Jurnalist bunu bilə bilməz, bu, jurnalistikanın günahı deyil. Bir də görürsən yazırlar ki, “filan zavodda 30 patron istehsal olunur”, “bizim zavoddan avtomat istehsal eləməyə başlayıblar”, “minaya dözümlü 30 maşın buraxırıq”. Müharibə şəraitində bu cür hiyləgər düşmənlə üz-üzə olan dövlətin mətbuatına belə yazılar haradan sızır? Niyə bu yazılar getməlidir? Hərbi sənayeni inkişaf etdirirsən, etdir. Bu bizim işimizdir, bunu bu şəkildə reklam eləməyə ehtiyac yoxdur.
Üçüncü söyləyəcəyim məsələ millət vəkillərinin statusu ilə bağlıdır. Bunu neçə dəfə demişik. Sessiyamız yeni başlayıb, bunu deməyi özümə borc bilirəm. Mənə elə gəlir ki, millət vəkilləri arasında ayrı-seçkilik ola bilməz. Biri komitə sədridir, digəri də komitənin üzvüdür, yaxud da komitə sədrinin müavinidir. Təsəvvür edin ki, millət vəkilinin vətəndaşı, öz seçicisini qəbul etməsi üçün hökmən komitə sədrinin imzası ilə razılıq olmalıdır. Mənim komitə sədrlərinə çox böyük hörmətim var, heç kim də, təbii ki, ondan imtina eləyə bilməz. Amma nəyə görə millət vəkili öz seçicisini qəbul eləyəndə komitə sədrinin imzası ilə kağız almalıdır? Bunu millət vəkilinin özü edə bilməz ki?
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, mən bir məsələ ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Əlbəttə ki, son dövrdə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlı məsələlərə həm millət vəkilləri, həm də ictimaiyyətin nümayəndələri geniş maraq göstərirlər. Belə bir təəssürat yaranır ki, guya indiyə qədər heç bir iş görülmürdü və indi xüsusi bir mərhələdir. Burada həmkarım Fuad Muradovun fikri ilə tam razıyam ki, Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı özünün seçdiyi islahat yolunu məhz xalqın rifahı üçün həyata keçirir. Təbii ki, korrupsiyaya qarşı mübarizə də bizim həyata keçirdiyimiz islahatların bir hissəsidir. Bu həmişə olub, davamlı da həyata keçirilir.
Niyə indiki mərhələdə bu məsələyə daha ciddi fikir verilir? Bunun yeganə bir səbəbi var. Ölkə Prezidenti bu günlərdə regionlara etdiyi səfərdə də bunu vurğuladı. Bir müddət öncə cənab Prezident tərəfindən hakimiyyət orqanları qarşısında Azərbaycanın inkişaf etmiş ölkələr siyahısına daxil olması yönümdə işlərin həyata keçirilməsi ilə bağlı ciddi bir vəzifə qoyulub. Budur məqsəd. Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi ancaq bununla əlaqədardır. Ölkənin hər bir sahədə güclü iqtisadi potensialı var və qarşıya qoyulan məqsəd inkişaf etmiş ölkələr sırasına qatılmaqdır. Bu mümkündür. Korrupsiyanın bizim inkişafımıza vurduğu zərərləri minimuma endirmək vəzifəsi çox ciddidir və həyata keçirdiyimiz işlər ancaq bununla bağlıdır. Mən, əlbəttə, həmkarlarımın fikri ilə razıyam ki, bu işlər bütövlükdə və cəmiyyətin bütün nümayəndələri tərəfindən həyata keçirilməlidir.
Bir fikri də vurğulamaq istəyirəm. Cənab Prezident çıxışında qeyd etdi ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxşı qanunvericilik mövcuddur. Bu, doğrudan da, belədir. Elə bilirəm ki, burada həmkarlarımın da xidməti var. Amma korrupsiyaya qarşı mübarizə hər bir kəsin, hər bir vəzifəli şəxsin, hər bir dövlət orqanının borcudur. Bu baxımdan Korrupsiyaya qarşı mübarizə komissiyasının tərkibi ilə bağlı burada irəli sürülən təkliflər, məncə, artıq formal xarakter daşıyır. Biz əgər korrupsiyaya qarşı mübarizəyə bu aspektdən yanaşsaq, məncə, ciddi nəticələr əldə edə bilmərik. Bu komissiya hakimiyyətin bütün qollarını özündə ehtiva edir.
Sədrlik edən. Çox sağ olun. Mən də bu barədə geniş danışmaq istəyirdim, amma Əli müəllim çox gözəl izahat verdi. Bəzi millət vəkilləri çıxışlarında dedilər ki, bu, müvəqqəti bir məsələdir. Elə deyil. Cənab Prezident Azərbaycanda islahatların dərinləşməsi istiqamətində öz tövsiyələrini verir və bu, həqiqətən, əsaslı islahatlar olacaq və biz bu istiqamətdə də hərəkət edəcəyik.
Bir də, hörmətli millət vəkilləri, hər iclasda müzakirə başlayanda bir çox suallar olur. Mən Milli Məclisin iclasını bu cür müzakirələrə, debatlara, sual-cavaba çevirmək istəmirəm. Köhnə ənənəmiz var, onu davam etdirəcəyik. Qaldırılan hər hansı sual haqqında millət vəkillərinə yazılı cavablar veriləcək.
İndi təklif edirəm, gündəliyə keçək. Gündəliyin birinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov, buyurun.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk əvvəl IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş azad, demokratik, ədalətli və şəffaf seçkilərdə qələbə qazanmağınız münasibətilə sizi Ədliyyə Nazirliyinin çoxminli kollektivi adından təbrik edirəm, vətənimizin tərəqqisi, ölkəmizdə qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar, nailiyyətlər arzulayıram.
Hörmətli millət vəkilləri, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2010-cu il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm.
Respublikamızda aparılan genişmiqyaslı islahatlar iqtisadiyyatımızın yüksəlişinə və güclənməsinə səbəb olmuşdur. Dünya dövlətlərini bürümüş iqtisadi böhrana baxmayaraq, ölkəmizdə sosial tərəqqi 2010-cu ildə də davam etmişdir. Azərbaycan Respublikasının bu böhrandan qurtuluşu ümummilli liderimiz Heydər Əliyevin dərin elmi təfəkkürü və böyük təcrübəsinə söykənən siyasət nəticəsində reallaşmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, praqmatik siyasi fəaliyyət bu nailiyyətin başlıca təminatıdır.
Ölkəmiz üçün xarakterik olan əsas cəhətlərdən biri siyasi və sosial- iqtisadi sahədə həyata keçirilən islahatların ardıcıllığı və dönməzliyidir. Belə yanaşma demokratikləşmənin həyata keçirilməsində özünü daha aydın şəkildə göstərir.
Yerli demokratiyanın inkişaf problemləri də ölkəmizin, dövlətimizin qayğısı ilə əhatə olunmuş və bu istiqamətdə aparılan tədbirlər çərçivəsində mövcud normativ hüquqi baza təkmilləşdirilmiş, bir sıra digər mühüm işlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların rolunun artırılması məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 2009-cu il 29 may tarixli Qanunla 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 yeni bələdiyyənin yaradılması nəzərdə tutulmuşdur. 2009-cu il 19 iyun tarixli qanunla isə Naxçıvan Muxtar Respublikasında 84 bələdiyyənin birləşməsi nəticəsində 40 yeni bələdiyyə yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 sentyabr tarixli Qərarı ilə bələdiyyələrin birləşməsi zamanı mülkiyyət, maliyyə və başqa məsələləri həll edəcək müvafiq komissiyaların fərdi tərkibinin təsdiq edilməsi və onlara rəhbərliyin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.
Qeyd edilən normativ hüquqi aktların icrasını təmin etmək üçün Ədliyyə Nazirliyinin 2009-cu il 15 dekabr tarixli əmri ilə 46 rayon üzrə komissiyaların fərdi tərkibi təsdiq edilmişdir. Komissiyalar birləşmə zamanı aşkar etdikləri qanun pozuntuları, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməsi, habelə tərtib edilən aktlarda və qəbul edilən qərarlarda əks etdirilən məlumatların dürüstlüyünə diqqət yetirilməsi haqqında təlimatlandırılmışlar.
Bu məqsədlə müvafiq iş planı tərtib edilmiş, təhvil-təslim aktlarının nümunələri hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılmışdır. 2010-cu il 15 yanvar tarixində komissiya sədrlərinin iştirakı ilə keçirilmiş geniş müşavirədə qarşıda duran vəzifələr müzakirə edilərək tövsiyə və göstərişlər verilmişdir.
Qısa müddətdə 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaitləri və mal-material qalığı, debitor və kreditor borcları müəyyən edilərək aktlaşdırılmış, hər birləşmə faktı üzrə yekun təhvil-təslim aktı tərtib edilmiş və zəruri sənədlər komissiyalar tərəfindən yeni yaradılmış 569 bələdiyyəyə təhvil verilmişdir. Bələdiyyə seçkiləri baş tutmamış 15 yerli özünüidarə orqanları üzrə təhvil-təslim aparılmamışdır.
Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən 11 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunduğuna görə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.
Bələdiyyələrin birləşməsi ilə bağlı təhvil-təslim işləri aparılarkən kargüzarlıq, mühasibatlıq işinin qanunvericiliyə uyğun təşkil olunmaması, yerli vergilərin, ödənişlərin düzgün hesablanmaması və digər qanun pozuntuları və nöqsanlar aşkar edilmiş, onların aradan qaldırılması üçün bütün bələdiyyələrə tövsiyə məktubları göndərilmişdir. Birləşmə komissiyalarının fəaliyyəti və görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yekun hesabat təqdim olunmuşdur.
Göstərilənlərlə yanaşı, 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində öyrənilərək dövlət qeydiyyatına alınmış, birləşmiş 1332 bələdiyyənin nizamnaməsi qüvvədən düşdüyünə görə dövlət reyestrindən çıxarılmışdır.
“Yerli özünüidarə haqqında” Avropa Xartiyası, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu müstəqil institut olan bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti zəruri hesab edir. İnzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən ölkənin qanunlarına və başqa normativ hüquqi aktların tələblərinə riayət edilməsinə, bələdiyyə tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına xidmət etməlidir. Bu zaman bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması və yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnun məhdudlaşdırılmaması vacib şərtlərdəndir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət işi əvvəllər yalnız nazirliyin bir struktur qurumu olan Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilirdi. İnzibati nəzarətin səmərəsinin artırılması ilə bağlı yerlərdə regional ədliyyə şöbələri yaradılmış və bu qurmalara təcrübəli işçilər təyinat almış, onlar üçün Ədliyyə Akademiyasında təlimlər təşkil olunmuşdur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı 2010-cu ildə Ədliyyə Nazirliyində 26635 bələdiyyə aktına baxılmışdır. Müqayisə üçün qeyd edirik ki, 2009-cu ildə 20152 bələdiyyə aktı olmuşdur. 1231 bələdiyyə aktı isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Birləşmə nəticəsində bələdiyyələrin sayı xeyli azalsa da, təqdim edilən bələdiyyə aktlarının sayındakı 32% artım həyata keçirilən inzibati nəzarətin və maarifçilik işlərinin səmərəliliyinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, təqdim edilmiş bütün bələdiyyə aktlarının qanunvericiliyə uyğunluğu yoxlanılmış və hər biri üzrə müvafiq qərar qəbul edilmişdir.
Araşdırılmış bələdiyyə aktlarından 25363-ü qanunvericiliyə uyğun hesab olunmuş, 727 aktla bağlı verilmiş təkliflər əsasında onları qəbul etmiş bələdiyyələr tərəfindən 400-ü ləğv edilmiş, 41-i dəyişdirilmişdir. Təmin olunmayan təkliflərin 25-i üzrə bələdiyyə aktlarının qanunsuz hesab edilməsinə dair məhkəmələrdə iddialar qaldırılmış, artıq onların 11-i təmin edilmiş və digərlərinə baxılır.
Görülmüş tədbirlər nəticəsində 2010-cu ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq 79 hektar torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210 hektar torpaq sahəsinin icarəyə, 27 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələrin özləri və ya iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 3317 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6-cı maddəsinə görə bələdiyyələr özlərinin normativ aktlarının, həmçinin dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin istifadəsi, yerli vergilərin və rüsumların tətbiqi, bələdiyyə mülkiyyətində olan əmlak və sair məsələlər barədə qəbul etdikləri aktları onların qanunauyğunluğuna inzibati nəzarətin təmin edilməsi məqsədi ilə mütləq Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Lakin təcrübədə hələ də bəzi bələdiyyələr tərəfindən qanunun bu tələbinə riayət edilməməsi hallarına rast gəlinir. Bununla bağlı inzibati xəta haqqında 478 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir.
Bundan başqa, üç halda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunma barədə müvafiq məhkəmələrə müraciətlər edilmişdir. Bütövlükdə il ərzində tərtib edilmiş 481 inzibati xəta protokolu əsasında 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, digərləri baxılmaqdadır.
Hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən 1468 şikayət xarakterli müraciət daxil olmuşdur. Müraciətlərin 45-i inzibati icraat qaydasında araşdırılmışdır. Ümumilikdə inzibati araşdırmalar zamanı fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş 27 bələdiyyə ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Onlardan 21-i üzrə Cinayət Məcəlləsinin 308.1-ci və digər maddələri ilə cinayət işi başlanmışdır. Bəzi cinayət işləri üzrə artıq məhkəmə hökmləri çıxarılmış, bəziləri isə istintaq və ya məhkəmə baxışı mərhələsindədirlər.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanının icrası daim diqqət mərkəzində saxlanılır və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olmuş müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Belə ki, 2010-cu ildə yerli özünüidarə orqanlarının fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verilməsi ilə əlaqədar nazirliyə 39 müraciət daxil olmuşdur ki, onlardan 27-si inzibati nəzarət icraatı qaydasında araşdırılmış, 12-si isə həmin fərmana uyğun olaraq dərhal prokurorluq orqanlarına göndərilmiş və onlardan 2-si üzrə cinayət işi başlanılmışdır.
Cinayət xarakterli hüquq pozuntularının təhlili göstərir ki, yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri tərəfindən maliyyə vəsaitinin qanunsuz xərclənməsi, pul vəsaitinin yerli büdcəyə mədaxil edilməməsi və mənimsənilməsi, torpaqların normativ qiymətdən aşağı və bazar qiymətləri nəzərə alınmayaraq qanunsuz satılması və ya icarəyə verilməsi, qanunla mülkiyyətə verilməsi qadağan olunan torpaq sahələrinin – örüş yerlərinin, meşə fondu, mühafizə zolağında yerləşən, bələdiyyə mülkiyyətinə aid olmayan torpaqların satışı, bələdiyyə əmlakının qanunsuz satılması, bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq təkbaşına qərarların verilməsi kimi hallar xarakterik olmuşdur.
İnzibati nəzarət zamanı aşkar edilmiş qanun pozuntularının və nöqsanların aradan qaldırılması, bələdiyyə fəaliyyətinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə müxtəlif məsələlərlə bağlı il ərzində 2034 tövsiyə verilmişdir. Bu tövsiyələrdə mövcud problemlər və yol verilmiş nöqsanlar təhlil edilməklə onların aradan qaldırılması yolları göstərilmişdir.
2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində bələdiyyə üzvləri korpusunun xeyli yeniləşməsi nəzərə alınaraq maarifçilik tədbirləri daha da genişləndirilmişdir. Bu məqsədlə bir çox ixtisasartırma kursları, seminar və digər tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir. Ədliyyə Akademiyasında, əsasən, yeni seçilmiş bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün il ərzində təşkil edilmiş 17 ixtisasartırma kursunda 327 dinləyiciyə aktual mövzular üzrə mühazirələr oxunmuşdur. Bundan başqa, Dövlət İdarəçilik Akademiyasında da ixtisasartırma kusrları təşkil edilmişdir. Bütövlükdə ixtasartırma kurslarına 381 dinləyici cəlb olunmuşdur ki, bu da 2009-cu illə müqayisədə 24 faiz çoxdur.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası yönündə tədbirlər davam etdirilmişdir. Bu məqsədlə müxtəlif mövzularda 12 regional seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə bələdiyyələrə müvafiq metodik kömək göstərilmiş və başqa maarifləndirici tədbirlər həyata keçirilmişdir. İl ərzində Muxtar Respublikanın Ədliyyə Nazirliyi 9 seminar təşkil etmiş və bu tədbirlərə 900-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.
Ölkə üzrə bələdiyyə fəaliyyəti ilə bağlı 60-dan çox maarifçilik tədbirləri keçirilmişdir ki, bu tədbirlərə 4100-dən artıq bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşlar. Bundan əlavə, nazirliyin əməkdaşları tərəfindən yerli özünüidarə məsələləri ilə bağlı mərkəzi və yerli kütləvi informasiya vasitələrində 69 çıxış edilmişdir. Qanunvericilik aktlarının bələdiyyələrdə düzgün tətbiqini təmin etmək üçün 12 metodik vəsait hazırlanmışdır.
Bələdiyyələrin milli assosiasiyaları ilə sıx işgüzar əlaqələr qurularaq bir sıra aktual məsələlər onların iştirakı ilə müzakirə edilmiş, rəy və təklifləri nəzərə alınmışdır. Yerli özünüidarənin davamlı inkişafını təmin edən vəzifələr milli assosiasiyaların 2010-cu ilin aprel ayında keçirilmiş ümumi yığıncaqlarında geniş müzakirə edilmişdir. Milli assosiasiyaların nümayəndələri Latviya Bələdiyyələr İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və Latviyada bələdiyyələrin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsində iştirak etmiş, Almaniyada yerli özünüidarə təcrübəsi ilə tanış olmuşlar. Yerli özünüidarənin inkişaf məsələləri Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq qurumların da diqqət mərkəzində olmuş və bu yöndə əməkdaşlıq davam etdirilmişdir.
2010-cu ildə ölkəmizin Xarici İşlər Nazirliyinin təklifləri nəzərə alınaraq Ədliyyə Nazirliyinin əməkdaşları yerli özünüidarə məsələləri ilə bağlı 9 beynəlxalq tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya”nın yerinə yetirilməsi yönündə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra yeni qanun layihələri hazırlanmışdır.
Hörmətli millət vəkilləri, görülmüş işlərlə yanaşı, qeyd olunmalıdır ki, yerli özünüidarəni tənzimləyən bəzi qanunvericilik aktlarının daha da təkmilləşdirilməsinə zərurət yaranmışdır. Bu məqsədlə aşağıdakı təkliflərə baxılması məqsədəuyğun olardı:
– inzibati nəzarətin həyata keçirilməsi zamanı bir sıra hallarda bələdiyyə büdcəsinin qanunvericiliyə uyğun icrasının araşdırılması tələb olunur. Belə araşdırmanın aparılması isə müvafiq ekspertizanın təyin edilməsini zəruri edir. Hesab edirik ki, inzibati nəzarəti həyata keçirən orqanın öz təşəbbüsü ilə bələdiyyənin maliyyə-büdcə ekspertizasını təyin etmək hüququ və ekspertiza ilə bağlı xərclərin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əlavələr edilməsi bu problemi aradan qaldıra bilər və inzibati nəzarətin səviyyəsini yüksəldər;
– bir çox hallarda yerli əhəmiyyətli səhiyyə, təhsil, rabitə, mədəniyyət, idman və sair dövlət sosial infrastruktur obyektlərinin yaradılması, həmçinin dövlət hakimiyyəti orqanlarının fəaliyyəti üçün zəruri olan inzibati binaların tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması zamanı böyük çətinliklər yaranır. Qanunvericiliyə görə belə obyektlər üçün bələdiyyə tərəfindən torpaq sahələrinin ayrılması yalnız hərrac və ya müsabiqə vasitəsilə mümkündür ki, bu da göstərilən məsələlərin operativ və vaxtında həll edilməsinə imkan vermir. Ona görə də Milli Məclisdə bu məsələyə baxılmasını məqsədəuyğun hesab edirik;
– “Bələdiyyənin nümunəvi nizamnaməsi”ndə bələdiyyə üzvünə müalicə olunmaq və istirahət etmək üçün bələdiyyə büdcəsi hesabına iki aylıq əməkhaqqı məbləğində pul təminatının verilməsi nəzərdə tutulmuşdur. Bu müddəa bələdiyyə üzvlərinin sosial təminatının yaxşılaşdırılmasına yönəlsə də, təcrübədə onun tətbiqi ilə bağlı problemlər mövcuddur. Buna görə də hesab edirik ki, nizamnaməyə müvafiq dəyişiklik və əlavələr edilməsi zəruridir.
Bələdiyyələrin fəaliyyətinin qanunauyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə söz verilir.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri və iclas iştirakçıları! Ədliyyə Nazirliyinin təqdim etdiyi illik məruzədən, nazir müavini Vilayət Zahirovun verdiyi məlumatdan göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağlı 2010-cu ildə xeyli iş görülmüşdür. Mən bu haqda danışıb vaxtınızı almaq istəmirəm, çünki çox ətraflı məlumat verildi. Ədliyyə Nazirliyinin təqdim etdiyi məruzə Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunmuş, nazirliyin bu sahədəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.
Mövcud qanunvericiliyə görə Ədliyyə Nazirliyinin bu sahədəki vəzifəs inzibati nəzarəti həyata keçirməkdən ibarətdir. İnzibati nəzarətə yalnız yoxlamaların aparılması və yarıtmaz fəaliyyət göstərən bələdiyyələrə qarşı cəza tədbirlərinin həyata keçirilməsi kimi yanaşsaq, onda nazirlik üzərinə düşən vəzifəni yerinə yetirir. Məruzədən göründüyü kimi, hətta bu çərçivədən kənara da çıxır. Lakin məsələyə geniş prizmadan baxsaq, hesab edirik ki, nazirlik fəaliyyətində digər məsələlərə də diqqət yetirməlidir.
Bələdiyyələr ölkədəki idarəetmə sisteminin vacib tərkib hissəsidir. Demokratiyanın inkişafında, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında onun rolunu inkar etmək olmaz. Lakin bələdiyyələr bu potensialından lazımınca istifadə edə bilmirlər. Bir çox hallarda yerli özünüidarə orqanları rastlaşdığı problemlərlə təkbətək qalır, onları həll edə bilmir, nazirliyin köməyini görmür. Razılaşmaq olar ki, bu məsələ ilə bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar var və onların aradan qaldırılması istiqamətində Regional məsələlər komitəsində müəyyən müzakirələr aparılır.
Eyni zamanda, hesab edirik ki, Ədliyyə Nazirliyi dövlət idarəetmə strukturunda bələdiyyələrlə məşğul olan yeganə orqan kimi bu sahədəki fəaliyyətində digər aspektlərə də diqqət yetirməli, inzibati nəzarətlə kifayətlənməməlidir. Bəzi hallarda bələdiyyələrin səlahiyyətləri icra orqanları tərəfindən mənimsənilir, onların qanuni tələbləri həllini tapmır, bələdiyyələrin işinə müdaxilə olunur.
Qanunvericiliyə görə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə reklamların yerləşdirilməsi, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlər, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər bələdiyyə büdcəsinə daxil edilməlidir. Lakin qanunun bu tələbləri heç də həmişə gözlənilmir.
2009-cu ildə ilk dəfə bu məsələ yoxlanılıb, bir sıra nöqsanlar müəyyən edilib və onların təkrarlanmaması üçün lazımi tədbirlər görülmüşdür. Yoxlamanı öz təşəbbüsü ilə Maliyyə Nazirliyi keçirib və bu, təqdirəlayiqdir. Hesab edirik ki, bu qəbildən olan yoxlamalar müntəzəm keçirilməli və onların təşəbbüskarı ilk növbədə Ədliyyə Nazirliyi olmalıdır.
Sumqayıt şəhər bələdiyyəsi fəaliyyəti dövründə bir neçə dəfə yerləşdiyi binanı dəyişib. İcarə qaydasında ona ayrılan binada təmir-abadlıq işlərini apardıqdan sonra mülk sahibinin təkidi ilə başqa yerə köçməyə məcbur edilib. Bələdiyyənin hazırda yerləşdiyi bina dövlət əmlakıdır. Mövcud qanunvericiliyə görə o, bələdiyyənin mülkiyyətinə verilə bilər. Lakin çoxsaylı müraciətlərə baxmayaraq, məsələ öz həllini nəinki tapmayıb, hətta bələdiyyəyə cavab da verən yoxdur. Hesab edirik ki, nazirlik öz yüksək nüfuzundan istifadə etməklə bələdiyyələrə bu məsələlərin həllində köməklik göstərə bilər.
Ölkədə əldə olunan nailiyyətlərdə yerli özünüidarə orqanlarının da payı vardır. Özünün yaxşı işi ilə əhalinin rəğbətini qazanan bələdiyyələrin sayı ilbəil artır. Lakin məruzədə bələdiyyələrin yaxşı işləri barədə məlumat yoxdur, onların uğurları təhlil olunmur. Burada nazir müavini qeyd etdi ki, xarici ölkələrdə bələdiyyələrin təcrübələri öyrənilib. Bu çox gözəl tədbirdir. Ancaq biz hesab edirik ki, yerli bələdiyyələrin də təcrübələri, müsbət işi öyrənilməli və onlar yaxşı işlərinə görə həvəsləndirilməlidirlər. İdarəetmə sistemində bələdiyyələr çox vacib bir qurumdur. Düşünürük ki, onların yaxşı işləməsi üçün köməklik edilməlidir.
Burada təkliflər oldu. O təkliflərə komitədə baxılacaqdır. Biz xahiş edirik ki, təkliflərin adını burada sadalamaqla kifayətlənməsinlər, bununla əlaqədar müvafiq layihələr komitəyə təqdim olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Müzakirələrə başlayırıq. İki sual var. Buyurun, Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun. Hörmətli Oqtay müəllim, sualım hörmətli Vilayət müəllimədir. Bu bir reallıqdır ki, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan beynəlxalq təşkilatlarda gündən-günə mövqeyini möhkəmləndirməkdə və söz sahibinə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, sadalamadığım bütün beynəlxalq təşkilatlarda, həqiqətən, Azərbaycan nümayəndə heyəti çox mükəmməl şəkildə təmsil olunur. Beynəlxalq əməkdaşlıqda da Azərbaycan etibarlı bir tərəfdaş imici qazanmışdır.
Mənim sualım belədir: 1985-ci ildə Avropa Bələdiyyələr Assambleyası yaranıbdır. Avropa məkanına daxil olan ölkələrin artıq 40-a yaxını bu assambleyanın üzvüdür. Bizim qonşularımız da bu assambleyanın üzvüdürlər. Bizim bu assambleyadan əsas gözləntimiz orada yeni bir tribuna qazanmaqdır. Bununla biz Azərbaycanın düşmənləri olan və məsələlərə ikili standartla yanaşan bir sıra ölkələrə Azərbaycanın həqiqətlərini çatdıra bilərik. Azərbaycanın bu gün ən inkişaf etmiş ölkə kimi imicini də orada təqdim edə bilərik.
Sualım ondan ibarətdir ki, Vilayət müəllim, nə üçün Azərbaycan bu günə qədər Avropa bələdiyyələr məclisinin üzvü deyil? Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən Vilayət müəllimə çıxışına və əsasən də verdiyi təklifə görə təşəkkür edirəm. 3 təklif verdiniz. Amma çox istərdim ki, birinci sualın davamı olaraq mən başqa bir məsələni sizin nəzərinizə çatdırım. Bütün dünyada bələdiyyələrin sağlam yaşayışı və əhaliyə xeyir verməsi üçün birbaşa şəkildə korporativ sosial məsuliyyətdən söhbət gedir. Bu gün Azərbaycanda nəinki korporativ sosial məsuliyyətlə bağlı hər hansı bir addım atılmır, hətta mənə belə gəlir ki, bu anlayışın özünün olması barədə bələdiyyələrin nə xəbərləri var, nə də bu sahədə bir addım atmaq istəyirlər.
Mən bütün Azərbaycan bələdiyyələrinin, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən korporativ sosial məsuliyyət daşıya biləcək şirkətlərin fəaliyyətinə baxmışam. Tutaq ki, ikinci vergi ödəyicisi olan Azercell şirkətinin korporativ sosial məsuliyyətlə bağlı bələdiyyələrlə heç bir işi yoxdur. Yeganə bir şirkət tapmışam. Bu şirkət ən riskli sahədə – kənd təsərrüfatı sahəsində işləyən “Azərsun”dur. Yalnız bu şirkət bu məsələdə müəyyən addımlar atır. Bələdiyyələrin ayağa qalxması üçün korporativ sosial məsuliyyət məsələsi bütün dünyada çox vacib şərtlərdən biridir. Mən bilmək istəyərdim ki, siz bu məsələlərlə bağlı bələdiyyələrlə hər hansı bir tədbir keçirməyi planlaşdırırsınız, yoxsa yox?
Sədrlik edən. Çox sağ olun. Mən istərdim, müzakirələrə başlayaq. Sonra, yəqin ki, Vilayət müəllim bu sualları cavablandırar. Buyursun Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi əvvəlki, məsələn, 3–4 il bundan qabaqkı məruzələrlə müqayisədə həm yığcamlılığına, həm də sanbalına görə fərqlənir. 2010-cu ilin məruzəsi bu qəbildəndir.
Eyni zamanda, son vaxtlar bələdiyyələrin birləşməsi istiqamətində görülən işlər və Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər burada öz əksini tapıb. Məsələn, strukturun təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər, yerlərdə regional ədliyyə şöbələrinin yaradılması, təlimlərin, treninqlərin həyata keçirilməsi, ixtisasın artırılması burada öz əksini tapıb. Mən hesab edirəm ki, bunların hamısı müsbət qiymətləndirilməlidir.
Eyni zamanda, qeyd eləmək lazımdır ki, statistikadan çıxış edəndə burada iki maraqlı məqam alınır. Əvvəlcə təşəkkür edirəm ki, deputatların qaldırdığı məsələlər hər il bu məruzələrdə öz əksini tapır. Məsələn, şəxsən mən məsələ qaldırmışdım ki, rəqəmlər, sadəcə, bir ilin mütləq rəqəmləri formasında deyil, əvvəlki illərlə müqayisədə verilsin. Burada da rəqəmlər əvvəlki illərlə müqayisədə verilib. Mən də əvvəlki illəri də əlavə etməklə göstərə bilərəm ki, Ədliyyə Nazirliyi tərəfindən son 3 ildə – 2008-ci ildə 17 mindən çox, 2009-cu ildə 20 mindən çox, 2010-cu ildə isə 27 minə yaxın bələdiyyə aktlarına baxılıb.
Bunun başqa bir dinamikasını götürək. Bu dinamika bilavasitə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayına necə təsir göstərib? 2009-cu illə 2008-ci ili müqayisə etsək, burada məsuliyyətə cəlb edilənlərin sayı 60 faiz artıb. Amma 2009-cu illə 2010-cu ili müqayisə eləsək, 63 faiz azalma var. Deməli, Ədliyyə Nazirliyinin nəzarətlə bağlı fəaliyyətinin səmərəliyinin artırılması istiqamətində görülən işlər müəyyən dərəcədə öz bəhrəsini verib. Amma mən bunu yetərli hesab eləmirəm. Aparılan sosioloji sorğular göstərir ki, bələdiyyələrin fəaliyyətində xeyli dərəcədə neqativ hallar var. Bunun aradan qaldırılması üçün, təbii ki, bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın strukturunun genişləndirilməsi ilə yanaşı, burada hörmətli Arif müəllimin də qaldırdığı məsələlərin məntiqinə uyğun surətdə bələdiyyələrin səlahiyyətlərinin artırılması, onlara əlavə imkanların yaradılması çox vacibdir. Bununla da onlar həmin işləri daha geniş miqyasda həyata keçirməyə nail ola bilərlər.
Eyni zamanda, sonluqda verilən təklifləri mən müsbət qiymətləndirirəm. Burada qanunvericilik sənədlərinin təkmilləşdirilməsi istiqamətində addımların atılması vacib hesab edilir. Amma hesab edirəm ki, bu istiqamətdə təkliflərlə yanaşı, qanunvericilik sənədlərinin də layihə formasında verilməsi məqsədəuyğun olardı.
Burada mövcud qanunların təkmilləşdirilməsi, yenilərinin işlənib hazırlanması istiqamətində işlər getməlidir. Məsələn, yerli icra strukturları ilə bələdiyyələrin səlahiyyətlərinin sərhədlərinin müəyyənləşdirilməsi və bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırılması məsələləri bu qəbildəndir. Çünki Azərbaycan bələdiyyələrinə dövlətdən təxminən 3,5 milyon manata qədər vəsait ayrılır ki, bunu da bələdiyyələrin sayına böləndə çox simvolik bir rəqəm alınır. Bu simvolik maliyyə göstəriciləri ilə bələdiyyələrin fəaliyyətini yüksək səviyyədə təşkil etmək olmaz. Aparılan sorğular da göstərir ki, hər üç bələdiyyədən biri maliyyə çətinliyi ilə qarşılaşır. Bələdiyyələr maliyyə çətinlikləri ilə qarşılaşan zaman, şübhəsiz, əlavə mənbələr axtarır və nəticədə neqativ halların sayı artmağa başlayır.
Bələdiyyələrin maliyyəsinin artırılması istiqamətində hər şeyi dövlətin üzərinə qoymaq prinsipi də doğru deyil. Ola bilər ki, büdcədən müəyyən dərəcədə vəsaitin artırılmasına nail olunsun, amma vergi mexanizmini təkmilləşdirmək, bələdiyyələrə ayırmaları bilavasitə artırmaq və sair vasitələrlə elə etmək lazımdır ki, bələdiyyələr, sadəcə, torpaq satıb pul qazanmaqla məşğul olmasınlar, qanunda müəyyənləşdirilmiş başqa vergi istiqamətləri üzrə də əlavə gəlirlər əldə etsinlər. Vəsait varsa, səmərəli fəaliyyət göstərəcək, öz işinin öhdəsindən gələcək. Vəsait olmasa, yalnız fədakarlıq göstərən bələdiyyələr işləyəcək, digərləri isə yenə də orta, ya da aşağı səviyyədə öz fəaliyyətlərini davam etdirəcəklər.
Eyni zamanda, mən hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin “2009–2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqələndirilməsi istiqamətində işlər görülməlidir. Bunun mühüm bir tərkib hissəsi olan elektron hökumət layihəsində elektron bələdiyyə layihəsinin həyata keçirilməsi istiqamətində işlər görülməlidir. Bu sahədə həm Azərbaycanın özünün bəzi bələdiyyələrində artıq təcrübə var, həm də beynəlxalq təcrübədən istifadə eləməklə qabaqcıl texnologiyanı bələdiyyələrin fəaliyyətinə tətbiq eləmək daha məqsədəuyğun olar.
Bundan əlavə, hesab edirəm ki, bələdiyyələrin kütləvi informasiya vasitələri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görmək olar. Məsələn, Şəkidə “Şəki bələdiyyəsi” adlı qəzet çıxır. Həm bələdiyyənin fəaliyyətini, həm də regionda gedən prosesləri işıqlandırır. Bu da ictimaiyyəti bələdiyyənin fəaliyyəti ilə tanış etmək üçün çox maraqlı bir vasitədir.
Hesab edirəm, son dövrlərdə parlamentlə bələdiyyələrin əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görülür. Amma eyni zamanda, bələdiyyələr və deputat köməkçisi institutunun əlaqəsinin gücləndirilməsi istiqamətində işlərlə də bunu tamamlamaq vacib olar. Yəqin ki, deputatlar mənimlə razılaşarlar ki, seçicilərin qaldırdığı məsələlərin 80 faizindən çoxu bilavasitə deputata yox, bələdiyyəyə aid olur. Belə bir halda, təbii ki, üzə düşüb onları götürəndə sonradan xeyli dərəcədə əlavə problemlər yaranır. Bu nöqteyi-nəzərdən həmin vəziyyətdən çıxışın ən yaxşı üsulu hərənin öz vəzifəsini yerinə yetirməsidir. Bələdiyyələr, deputat köməkçisi institutu və Ədliyyə Nazirliyinin yerli strukturlarının birgə fəaliyyətini təmin etmək bu işdə irəliyə doğru çox mühüm addım olar.
Bələdiyyənin vəsaiti olacaqsa, yaxşı işləyəcək. Vəsait olmayacaqsa, üçündən biri yaxşı işləyəcək, qalanları əlavə vəsait almaq üçün müxtəlif üsullardan istifadə edəcək. Əgər kimsə dövlətin mülkiyyətini satırsa, cinayət məsuliyyətinə cəlb olunur. Necə olur ki, bələdiyyəyə torpaq ayrılır, amma o özünün torpağını qoyub, dövlətin torpağını satır? Hesab edirəm ki, başqasının mülkiyyətini satan həmin qaydada məsuliyyətə cəlb olunmalıdır. Burada adlar sadalanır. Məsələn, Məmmədov Həsən, Hüseyn və sair məsuliyyətə cəlb olundu. Hesab edirəm ki, bələdiyyənin və digər sahələrin fəaliyyətinə konkret Məmmədov Həsənin günahı kontekstindən yanaşmaq doğru deyil. Bu işlərin adı “korrupsiyadır”, familiyası da “məmur özbaşınalığı”dır. Ona görə də hesab edirəm ki, korrupsiya və məmur özbaşınalığına qarşı mübarizəni gücləndirmək vacibdir. Prezident tərəfindən qaldırılan məsələləri proqram halına salıb sistemli şəkildə həyata keçirmək üçün bu sahədəki neqativ halları aradan qaldırmaq lazımdır. Bu isə, hesab edirəm ki, yerli problemlərin həllinin sürətləndirilməsinə və yerlərdə demokratik prinsiplərin bərqərar olunmasına xidmət edər. Bələdiyyələrlə ictimai təşkilatların, bələdiyyələrlə parlamentin, bələdiyyələrlə deputat köməkçilərinin, bələdiyyələrlə Ədliyyə Nazirliyinin yerli strukturlarının fəaliyyətini daha səmərəli əlaqələndirib, yerli problemlərin həllini sürətləndirmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 10 ildən artıqdır ki, Azərbaycanda bələdiyyə institutu fəaliyyət göstərir. Hesabatdan göründüyü kimi, keçən müddət ərzində bələdiyyələr faktiki olaraq müəyyən qədər formalaşıb. Amma Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən müəyyən işlər görülsə də, müəyyən hesablamalar aparılsa da, nəzarət mexanizminin müəyyən funksiyası yerinə yetirilsə də, bu gün bələdiyyələrin nöqsanları həddindən artıq çoxdur.
Bələdiyyələr, əsasən, iki məsələ ilə əlaqədar çox ciddi problemlərlə üzləşirlər. Bunlardan birincisi, torpağın qanunsuz satışıdır, ikincisi, vəsaitin düzgün xərclənməməsidir. Bu iki ciddi məsələ ilə əlaqədar olaraq bələdiyyələr hüquq mühafizə orqanları qarşısında cavab verməli olurlar. Yəni mən deyərdim ki, müəyyən səbəblər üzündən müəyyən hüquq pozuntularına yol verirlər. Düzdür, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən çox böyük işlər görülür, kadrlar müəyyən dövlətlərə təcrübəyə göndərilir. Amma mən belə hesab edirəm ki, bələdiyyələrin hüquqi səviyyəsini yüksəltmək üçün daha intensiv işləmək lazımdır. Yaxşı olardı ki, burada Türkiyə bələdiyyələrinin iş metodundan daha çox istifadə edilsin. Yəni bizim bələdiyyə üzvlər Türkiyəyə göndərilsin, onların iş metodu öyrənilsin və Azərbaycanda tətbiq edilsin.
Hesabatdan da görünür ki, keçən müddət ərzində bələdiyyələrdən verilən şikayətlər həddindən artıq çoxdur. Biz 2009-cu ildə qanun qəbul etdik, bələdiyyələri birləşdirdik, 1560 bələdiyyədən cəmi 574 bələdiyyə saxladıq, amma buna baxmayaraq, qanun pozuntuları davam edir. Bu gün elə bələdiyyələr var ki, orada insanlar 15 ildən artıqdır, torpaq islahatının getməsinə baxmayaraq, hələ də dövlət aktlarını ala bilmirlər. Bununla bağlı müraciətlər həddindən artıq çoxdur. Bələdiyyələrdə aparılan yoxlamalar bir daha onu göstərir ki, bələdiyyələrin işlərində nöqsanlar çoxdur.
50-dən çox bələdiyyə sədri mənə müraciət edib və bir sıra təklifləri var. Yaxşı olardı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu məsələlər ətrafında fikirləşsin. Qeyd etdiyim kimi, biz 2009-cu ildə qanun qəbul etdik, bələdiyyələri birləşdirdik. Ləğv edilmiş bələdiyyələrin Vergilər Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun yerli idarələrinə külli miqdarda borcu var. Elə bələdiyyələr var ki, onların borcları 70, 80, hətta 100 min manata çatır. Bir çox bələdiyyələrin həmin təşkilatlara borcları günü-gündən artır, çünki bura əlavə xərclər də daxil olunur. Ona görə mən belə hesab edirəm, bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün hökumətin müəyyən bir qərarı ilə həmin borcları silmək lazımdır ki, onlar təzə yaradılmış bələdiyyənin üzərində qalmasın.
İkinci ən ciddi məsələ zəbt edilmiş torpaqlarla əlaqədardır. Yəni keçən müddət ərzində elə bir bələdiyyə yoxdur ki, orada 500, 600, 1000-ə yaxın torpaq sahəsi zəbt olunmasın. Zəbt olunmuş torpaqların geriyə qaytarılması bələdiyyələr üçün ən vacib məsələlərdən biridir. Bunun da qaytarılması yalnız məhkəmə yolu ilə mümkündür. Amma çox təəssüflər olsun ki, bələdiyyədə işləyən insanlar hüquqi cəhətdən zəif olduğu üçün bu müraciətlər çox vaxt qəbul olunmur. Ona görə də mən təklif edərdim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, onun yerli şöbələri bələdiyyələrə kömək etsinlər və zəbt olunmuş torpaqların bələdiyyələrə qaytarılmasına nail olsunlar.
Digər vacib bir məsələ bələdiyyə ərazisindəki bina və tikililərin qiymətləndirilməsidir. Bu çox ciddi məsələdir. Biz qanunla bu qiymətləndirməni birbaşa bələdiyyələrə tapşırmışıq. Amma yaxşı olar ki, bununla bərabər əlavə vəsaitin ayrılmasına baxılsın ki, qiymətləndirmə məsələsi düzgün aparılsın. Bələdiyyələrin birləşdirilməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, birləşdirilən bələdiyyələrin xəritələri bu günə qədər hazır deyil. Yəni bir çox bələdiyyələr hələ bu günə qədər öz torpaq sahələrinin sərhədlərini bilmirlər. Ona görə də bu məsələni tezləşdirmək lazımdır.
Bütün bu dediklərimə baxmayaraq, mən belə hesab edirəm ki, keçən müddət ərzində Azərbaycanda bələdiyyə institutu müəyyən qədər formalaşıb. Biz də mütəmadi olaraq Milli Məclisdə məsələ qaldırırıq ki, bələdiyyələrin səlahiyyəti artırılsın. Bu tamamilə düzgün məsələdir, çünki bələdiyyə orqanları bu gün faktiki olaraq yalnız torpaq satışı ilə əlaqədar məsələlərə müdaxilə edirlər, digər məsələlər onların səlahiyyətinə aid edilmir. Yerli problemləri həll etmək üçün ya onların vəsaiti olmur, ya da qanun çərçivəsində onlara bu səlahiyyət verilmir. Ona görə də mən belə hesab edirəm ki, artıq yerli icra hakimiyyəti orqanlarından müəyyən səlahiyyətlərin alınıb bələdiyyələrə verilməsinin vaxtı çatıb. Yəni bələdiyyələr artıq özlərini öz ərazilərinin sahibi hesab etməlidirlər. Ümumi götürəndə, mən belə hesab edirəm ki, Ədliyyə Nazirliyi, xüsusilə də nazirliyin Bələdiyyələrlə iş mərkəzi çox böyük işlər görmüşdür. Mən hesabatı məqbul hesab edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Bu gün Ədliyyə Nazirliyinin bələdiyyələrə inzibati nəzarət orqanının illik məruzəsini dinlədik. Mən mütəmadi olaraq hər il bu məsələ müzakirə olunanda öz fikirlərimi deyirəm. Çünki mən bu bələdiyyə institutunun ilk müdavimlərindən biriyəm. 5 il bu sahədə çalışmışam və hər dəfə də rayona gedəndə, inanın ki, birinci görüşüm bələdiyyə sədrləri ilə olur.
Mən Əli Məsimlinin o fikri ilə razıyam ki, bələdiyyə institutu bizim təzə təsis etdiyimiz köməkçi institutlarla birgə fəaliyyət göstərməlidir. Məruzənin ümumi mətnindən məlumdur ki, bələdiyyələrin fəaliyyətində artıq böyük bir təkamül hiss olunur. Bu, Vilayət müəllimin çıxışında da özünü göstərdi. Mən bu məruzəni məqbul hesab edirəm və onun əsas kimi qəbul olunmasına tərəfdaram.
Mənim demək istədiyim bir sıra məsələlərin çoxunu rayondan seçilmiş digər həmkarım Vahid müəllim dedi. Bütün Quba bələdiyyələri sədrlərinin imzası ilə Milli Məclisə göndərilən belə bir məktub, yəqin, Vahid müəllimdə də var. Bu məktubda bələdiyyələri ən çox incidən, narahat edən bir sıra məsələlər qaldırılıb. Mən bu məktubda deyilənlərin bir qismi ilə tam razıyam.
Oqtay müəllim, mənim yadımdadır ki, ilk dövrlərdə bələdiyyələri idarə etmək üçün heç bir qanunvericilik aktı yox idi. Sadəcə olaraq, o vaxt seçilən bələdiyyə üzvləri bir daxili intuisiya ilə bu orqanı idarə edirdilər. Biz o vaxt xalq deputatları sovetində qazandığımız təcrübə ilə bunu idarə edirdik. Amma bütövlükdə bələdiyyələrin ötən illər ərzində fəaliyyətini qiymətləndirsək, etiraf etməliyik ki, bu sahədə qanunların azlığı dövründə bələdiyyələrin faydalı iş əmsalı, xalqa xidməti daha çox idi, nəinki bu gün. İndi fəaliyyət üçün hər cür qanun da var, bunları idarə edən mərkəz də var. Hələ təkcə keçən çağırışda Arif müəllimin rəhbərliyi ilə burada nə qədər gözəl qanunlar qəbul olundu. Amma bu gün hansı bələdiyyə ilə təmasda olursan, görürsən ki, bu qanunların mahiyyətini nəinki üzvlər, heç sədr özü də dərk etmir. Elə ondandır ki, son vaxtlar bir sıra bələdiyyələr artıq hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Hətta həbsxanada olan bələdiyyə sədrləri də var.
Maliyyə-təsərrüfat işlərinin səviyyəsini qaldırmaq bu gün bələdiyyələr üçün ən ümdə məsələdir. Mən həm rayon iclaslarında, həm də Milli Məclisdə demişəm ki, bizim bələdiyyələrin işi alman təcrübəsi üzərində qurulub, bunu bir az türk təcrübəsi tərəfə çevirmək, yəni türk modelini əsas götürmək lazımdır. Əslində, bu gün Azərbaycan bələdiyyələrini təhlil edən bir mütəxəssis burada alman təcrübəsinin 10 faizini də görməzdi. Bu gün bələdiyyələrlə icra nümayəndələri arasında hakimiyyət bölgüsü bilirsiniz, nəyə bənzəyir? 1917-ci ilin fevral inqilabından oktyabr inqilabına qədər Rusiyada ikihakimiyyətlilik hökm sürürdü. Birində güc var idi, hakimiyyət yox idi, o birisində hakimiyyət var idi, güc yox idi. Bu gün tam belə bir mənzərə əmələ gəlib. Mən bilmirəm, niyə biz bələdiyyəyə hansısa bir hakimiyyət formasını verməkdə çətinlik çəkirik. Burada nə var ki? Hər iki tərəf bizim vətəndaşlarımızdır. İkisi də xalq üçün çalışır. Ona görə bu məsələləri komitədə qanunvericilik baxımından işləmək lazımdır.
Bələdiyyələrin maliyyə problemləri onların fəaliyyətində ən böyük əngələ çevrilib. Əvvəllər büdcədən xeyli ayırmalar olurdu. İlbəil büdcəmiz artdıqca bələdiyyələrə olan yardımı daha da azaldırıq və bələdiyyələrin əksəriyyətinə bu yardımlar çatmır. Bəzən hansı bələdiyyələr puldan səmərəli istifadə edə bilirsə, biz ancaq onlara pul veririk. Mən demişəm, yenə deyirəm, bələdiyyələrə hərtərəfli yardım etmək lazımdır. Vaxtikən reklamdan, avtomobillərə texniki baxışdan əldə olunan pullar bələdiyyələrin hesabına daxil olurdu. Bunlar ləğv edildi.
Vahid müəllim mənim demək istədiyim bir sıra məsələləri dedi. Amma mən bir şeyi də qeyd etmək istərdim. Vaxtikən biz düşünürdük ki, bələdiyyələr birləşib assosiasiyalar əmələ gətirəndən sonra onların iş şəraiti daha da yaxşılaşacaq. Mən bilmirəm, başqa rayonlarda necədir. Amma seçildiyim rayonun timsalında bunun hələ yaxşılığa doğru getdiyini hiss etməmişəm. Düzdür, bələdiyyələrin sayının azalması ilə sənədləşdirmə məsələləri bir az azaldı. Amma ümumiyyətlə, xalqla işləmək, xalqın işinə yaramaq, yerli layihələr həyata keçirmək bu gün bələdiyyələrdən uzaqdır. Bəhanə odur ki, belə layihələri həyata keçirmək üçün maliyyə dəstəyi yoxdur.
Bir-iki kəlmə də bələdiyyələrin yerli-yersiz audit yoxlamaları haqqında demək istəyirəm. Hansı rayonda icra başçısı bu institutun vacibliyini, əhəmiyyətini dərk edir və bunu qısqanclıqla qəbul etmirsə, o bələdiyyələrin işi çox əla gedir. Amma icra başçısı hər dəfə bələdiyyə seçkiləri ərəfəsində və ya rayona yenicə icra başçısı kimi gələndən sonra bələdiyyələri özünə tabe etdirməkdən ötrü belə bir üsula əl atır. Tezliklə rayona audit yoxlaması gəlir. Hamımız müəyyən vəzifələrdə çalışmışıq və belə yoxlamalar bizə yaxşı məlumdur. Bu bələdiyyənin nəyi var ki, 3 gün onu yoxlasınlar və axırda da desinlər ki, bu audit yoxlamasının məbləği bu qədərdir? Bu yazıq gələn il də pulları yığsa, builki audit yoxlamasının haqqını verə bilmir. Bu yoxlama ya hansısa bələdiyyəni sıradan çıxarmaq üçün nəzərdə tutulub, ya da ki, bu auditə rəhbərlik edən şəxs başçıya yaxın adamdır. Olmazmı ki, komitədə bu məsələyə baxaq? Axı bələdiyyə ictimai qurumdur, yerli özünüidarəetmə orqanıdır. Bunun böyük pul gəliri yoxdur. Bu yoxlamaları ictimai əsaslarla da keçirmək və elə etmək olar ki, o, qanundan kənara çıxmasın.
Ümumiyyətlə, indi Ədliyyə Nazirliyinin də bu orqanlara bir inzibati nəzarəti var. Bu gün onların işləri təqdirəlayiqdir. Maarifləndirmə gedir. Bu insanlar akademiyada, institutlarda oxuyurlar, öyrənirlər. Amma hər bir bələdiyyəyə Utrext bəyannaməsi məlum deyil axı. Bəlkə elə çoxumuz Utrext bəyannaməsinin məğzini bilmirik. Bunu yazıq bələdiyyə haradan bilsin? İlk baxışda bunlar bizə çox cüzi görünsə də, Azərbaycanda bələdiyyə institutunun inkişafı üçün böyük dəyərə malikdir. Biz, həqiqətən, Azərbaycanda bələdiyyə institutunu əbədi görmək istəyiriksə, –Konstitusiyada bu, təsbit olunub, – ona yardım etməliyik.
Əlbəttə, burada digər yoldaşlarımız da bu məruzə və ümumiyyətlə, bələdiyyələrin fəaliyyəti haqqında öz fikirlərini bildirəcək, dəyərli məsləhətlərini verəcəklər. Mən bu məruzəni müsbət qiymətləndirirəm və onun əsas kimi qəbul edilməsinə səs verəcəyəm. Millət vəkillərini də buna səsləyirəm. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Mən bir şeyi başa düşmədim. Hansı auditdən söhbət gedir? Audit nəzarət təşkilatı deyil axı. Onu kim harasa gətirə bilər? Auditi bələdiyyə özü dəvət eləməlidir ki, gəlsin. Qayda belədir. Sizin dediyiniz hallar yalnız bəzi bələdiyyələrin savadsızlığından, öz səlahiyyətlərini bilməməsindən irəli gələ bilər. Audit nəzarət təşkilatı deyil. Əgər Hesablama Palatasından söhbət gedirsə, onun ixtiyarı var, o da müəyyən hallarda. Ancaq bələdiyyənin dəvəti olmadan auditin gəlib orada nəyisə yoxlaması ağlabatan deyil. Tahir Süleymanov buyursun.
T.Süleymanov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə ilə tanışlıq və bu məruzə ətrafında çıxışlar göstərir ki, 2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən çoxsaylı və səmərəli tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun fəaliyyəti təqdirəlayiqdir və günün tələblərinə uyğun şəkildə təşkil edilmişdir. Təqdirəlayiq haldır ki, bu orqan bələdiyyələrin fəaliyyətində əsas məsələlərə dair müxtəlif səviyyəli seminarlar keçirmiş və kütləvi informasiya vasitələrindən istifadə etməklə bələdiyyə işçilərinin maarifləndirilməsi işini təşkil etmişdir.
Məlumdur ki, bələdiyyənin fəaliyyət istiqamətlərindən biri bələdiyyə mülkiyyətində olan torpaqların əhalinin mülkiyyətinə və icarəsinə verilməsidir. Bələdiyyə torpaqlarından istifadəyə dair qanunvericilik aktlarında son vaxtlar aparılan dəyişikliklər və bu qanunların tətbiqində mövcud olan çətinliklər nəzərə alınaraq, torpaqlarla bağlı bir çox məsələlərə dair metodik göstərişlərin hazırlanıb bələdiyyələrə verilməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, biz də qanunverici orqan olaraq bu institutun yarandığı 1999-cu ildən bu yana yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına xidmət etməli olan müvafiq qanunverici bazanın formalaşdırılmasında xeyli iş görmüşük.
2009-cu ilin mart ayında keçirilən referendumda xalqımız bələdiyyələrin parlament qarşısında hesabatını nəzərdə tutan müddəaları qəbul etdi. Düşünürəm ki, bu prosesə başlamanın zamanı yetişmişdir. Xahiş edirəm, bu istiqamətdə hüquqi normativ aktların hazırlanması və qəbulu işini sürətləndirək və buna paralel olaraq hazırda Milli Məclis Aparatında fəaliyyət göstərən müvafiq sektorun fəaliyyətini bir qədər də təkmilləşdirib genişləndirək. Hesab edirəm ki, qanunverici orqana Konstitusiya ilə verilmiş bu yeni səlahiyyətlərin həyata keçirilməsinə başlanılması heç bir halda bələdiyyələrin işinə parlament tərəfindən hər hansı bir müdaxilə, onların səlahiyyətlərinin əlindən alınması, əvəzlənməsi və sair kimi dəyərləndirilə bilməz. Bu, yerli demokratiyanın gücləndirilməsi üçün bir seçkili orqan tərəfindən başqa seçkili orqanın məlumatlarının qiymətləndirilməsidir.
Qeyd etdiyim kimi, biz ötən illər ərzində bələdiyyələrin yerli idarəçilikdə, yerlərdə demokratiyanın təkmilləşdirilməsində mühüm və əhəmiyyətli rol oynaması, eyni zamanda, onların səlahiyyət dairəsinin genişləndirilməsi üçün xeyli iş görmüşük. Bu istiqamətdə qanunvericilik aktları qəbul olunub, müxtəlif təlimatlar hazırlanıb və sair. Ancaq hər kəs mənimlə razılaşar ki, hələ də cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin səmərəli qurulması sahəsində istədiyimizə nail ola bilməmişik. Bələdiyyələr hələ də real həyatda öz yerlərini tapa bilməyiblər. Bir çox bələdiyyələrin inzibati binalarının, konkret maddi-texniki təchizatının lazımi səviyyədə olmaması bunu bir daha sübut edir. Bu problemlərin həllinə nail olmaqdan ötrü yerli komitələr yaradıldı, bələdiyyə assosiasiyaları formalaşdırıldı, bir sıra bələdiyyələri birləşdirmək qərarına gəldik və sair. Amma yenə bu sahədə görülməli işlər yetərincə çoxdur.
Düşünürəm ki, qanunverici orqan olaraq bu problemlərin həllində bələdiyyələrə yardım göstərməli və onların səviyyəsini beynəlxalq praktikaya yox, daha çox bizim qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıyıq. Bələdiyyələrin sayı bundan da aşağı olmalıdır. Belə olacağı təqdirdə idarəçilikdə səmərəliyi artırmaq, daha sonra büdcə siyasətində bələdiyyələrin imkanlarının daha da genişləndirilməsinə diqqət yetirmək olar. Bu baxımdan mən təklif edirəm ki, hər il dövlət investisiya proqramlarında bələdiyyələrin inkişafına və maliyyələşdirilməsinə dair müddəalar yer alsın və bu zaman ayrı-ayrı bələdiyyələrin həm maddi, həm də resurs imkanlarına ciddi diqqət yetirilsin.
Qeyd edilənləri nəzərə alaraq bu gün təqdim edilən məruzəni yüksək dəyərləndirir və bu orqanın 2010-cu il ərzindəki fəaliyyətini qənaətbəxş hesab edirəm. Mən həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Günü-gündən inkişaf edən demokratik Azərbaycanda bələdiyyələrin fəaliyyət göstərməsi, formalaşması, inkişaf eləməsi təbiidir. Çünki bu, dövrün, zamanın tələbidir, bunu həyat bizə sifariş edir. Son dövrlər Azərbaycanda bələdiyyələrin inkişafı üçün çox zəruri tədbirlər həyata keçirilir. İstər bələdiyyələrin birləşmə prosesinin çox mütəşəkkil aparılması, bələdiyyə assosiasiyalarının yaradılması, istərsə də ümumrespublika toplantılarının keçirilməsi, yerlərdə bələdiyyələrlə səmərəli görüşlərin təşkil olunması, beynəlxalq təcrübənin öyrənilməsi buna əyani sübutdur.
Mən məruzə ilə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Bu məruzə bizim komitədə geniş müzakirə olundu. Təkliflərimizi bildirdik. Əlbəttə, biz Ədliyyə Nazirliyinin, eləcə də bu sahə ilə yaxından məşğul olan bələdiyyələrlə iş mərkəzinin fəaliyyətini məqbul hesab edir, müsbət qiymətləndiririk. Bununla belə, məncə, Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin problemləri ilə də yaxından məşğul olmalı və lazım gələrsə, müəyyən problemləri müvafiq orqanlar qarşısında qaldırmalıdır.
Bu gün biz məruzədən də gördük, eşitdik ki, bir çox bələdiyyə sədrləri haqqında ciddi tədbirlər görülüb. Onlar inzibati cəzalar alıblar. Bir çoxlarının işi Respublika Prokurorluğundadır. Bəziləri məhkum olunublar. Bəli, bələdiyyələr hər hansı bir hüquq pozuntusuna yol verirlərsə, belə cəzalandırılırlar. Çox təəssüflər olsun ki, bələdiyyələrin hüquqlarını pozan insanlar haqqında hələ lazımi tədbirlər görülmür. Axı bu gün bələdiyyələrin də hüquqları çox pozulur. Onların işlərinə müdaxilələr çoxdur.
Bu gün Azərbaycanda bələdiyyələrin maliyyəsinin zəif olmasından hamı gileylənir. Halbuki bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün mənbələr çoxdur. Azərbaycan inkişaf eləyir. Günü-gündən biz tərəqqidəyik. Çox yaxşı haldır ki, bu gün insanlar özləri üçün çox gözəl binalar tikir, yaşayış massivləri salırlar. Ancaq təəssüflə qeyd olunmalıdır ki, bu gün on minlərlə yeni tikilmiş bina hələ qiymətləndirilməyib, qeydiyyatdan keçirilməyib. Bu, dövlətin büdcəsinə külli miqdarda ziyandır. Digər tərəfdən, bu, bələdiyyələrin maliyyəsinə çox ciddi zərbədir. Çünki əgər o evlər qiymətləndirilsə, onlara hüquqi sənədlər tərtib olunsa, fiziki şəxslərdən əmlak vergisini bələdiyyələr toplamalıdır. Təkcə bundan bələdiyyələrin külli miqdarda vəsaiti ola bilər.
Digər maliyyə mənbəyi bələdiyyələrin ərazilərində fəaliyyət göstərən iaşə obyektləridir. Qanunvericiliyə uyğun olaraq sanatoriya-kurort xidməti, mehmanxanalar və digər turizm obyektləri də yerləşdikləri ərazidə bələdiyyənin hesabına müəyyən haqq keçirməlidirlər. Ancaq təəssüflər olsun ki, bələdiyyələr bu obyektlərdən çox cüzi vəsait əldə edə bilirlər. Elə bir mexanizm yoxdur ki, bələdiyyələr ondan istifadə eləyib həmin obyektlər və məsul şəxslər haqqında məsələ qaldırsın. Ona görə də mən təklif edərdim ki, bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinə müəyyən səlahiyyətlər verilsin ki, yeri gələndə nazirlik bu məsələləri qabartsın, bələdiyyələrin hüquqlarını pozan fiziki və ya hüquqi şəxslər haqqında tədbirlər görülməsinə nail olsun.
Bir məsələ də təəssüf olunasıdır ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun qəbul olunduğu tarixdən artıq 10 il keçsə də, bir çox bələdiyyələrin əraziləri və torpaqları hələ də məlum deyil. Ona görə də bundan istifadə edən müəyyən insanlar bələdiyyələrin torpaqlarına girir, onları zəbt eləyirlər. Sonra da bələdiyyələr bunda günahkar hesab edilirlər.
Burada mənim həmkarım bələdiyyələrdə audit yoxlamalarının təşkil olunması ilə əlaqədar fikir səsləndirdi. Bu hallar mövcuddur. Ancaq mən təklif edərdim ki, bu auditlərin keçirilməsi xərcləri bələdiyyələrdən deyil, həmin auditi təşkil edən orqanlardan alınsın. Çünki bu xərclər çoxdur və bələdiyyələrin belə imkanları yoxdur.
Bir çox bələdiyyələrin bu gün hətta inzibati binaları belə yoxdur. Dövlətin vəsaiti ildən-ilə artır. Yaxşı olar ki, bunun üçün bələdiyyələrə güzəştli kreditlər verilsin. Qoy onlar özlərinin iş şəraitini yaxşılaşdırsın, müəyyən maddi-texniki bazaya malik olsunlar. Bu, əlbəttə, bizim işimizin xeyrinə olar. Mən elə bilirəm ki, Azərbaycanda bələdiyyələrin inkişafına dövlətin qayğısı bu gün qənaətbəxşdir. Bu qayğıya çox ehtiyac var. Ona görə də bu sahədə öz əməyini sərf eləyən hər bir kəsə mən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Bu müzakirə olunan məsələ ilə bağlı mən elə oradan başlamaq istəyirəm ki, Ədliyyə Nazirliyi bələdiyyələrə həm də kömək eləməlidir. Bunu hörmətli Arif müəllim də, Tahir müəllim də qeyd elədilər. Amma gərək Ədliyyə Nazirliyinin bələdiyyələrə kömək eləmək səlahiyyəti ola ki, kömək eləyə bilə. Əslində, onun belə bir səlahiyyəti yoxdur. Söhbət ancaq inzibati nəzarətdən gedir. Bu nəzarət haqqında hesabatın isə artıq Konstitusiyaya edilən on dəyişiklikdən sonra parlamentdə verilməsinin əhəmiyyəti yoxdur. O baxımdan ki, əvvəla, Ədliyyə Nazirliyi hökumətin üzvü kimi onsuz da hökumətin Milli Məclisə hesabatı zamanı hesabat verir və o hesabatda həm də bələdiyyələrlə bağlı məsələ öz əksini tapır.
Konstitusiyaya etdiyimiz dəyişikliklərdən sonra artıq bələdiyyələr özləri birbaşa Milli Məclisə hesabat verməlidirlər. Düzdür, biz hələ bunun yolunu tapa bilmirik. Bu hesabatın necə veriləcəyini bilmədiyimiz üçün bununla bağlı qanun da qəbul edə bilmirik. O vaxt Konstitusiyaya dəyişiklik ediləndə biz demişdik ki, bu qədər bələdiyyə hansı formada Milli Məclisə hesabat verə bilər. Özü də bu, yerli özünüidarə orqanıdır, Milli Məclis də ali qanunvericilik orqanıdır. Amma hər halda o vaxt bu, qəbul olundu və indi də o qanunun qəbulu xeyli dərəcədə problemə çevrilib. Milli Məclis bu inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik hesabatdan sonra müəyyən təkliflər verdi. Bu təkliflərin hamısı doğru və müdafiə olunmalı təkliflərdir. Biz mütləq qanunvericiliyə o məsələlərlə bağlı müvafiq dəyişikliklər etməliyik.
Mən Yevda müəllimin də çıxışına diqqətlə qulaq asdım. Yevda müəllim Türkiyə modelindən danışdı. Hesab edirəm ki, Azərbaycanda da bu modelə keçilməlidir. O vaxt bələdiyyələr yarananda bizim çoxlu sayda etirazlarımız oldu ki, səlahiyyətsiz və ona görə həm də əhəmiyyətsiz qurum kimə və nəyə lazımdır? O zaman söyləyirdilər ki, bu qurumu yaradırıq, bir az təcrübə toplayacağıq və zaman keçdikcə bunun səlahiyyətləri genişləndiriləcək, artırılacaq. Amma zaman keçdi və bələdiyyələrin hətta bəzi səlahiyyətləri də əlindən alındı. Məsələn, zibil yığmaq. Bu baxımdan hesab edirəm ki, bu quruma münasibət, doğrudan da, dəyişməli və biz bələdiyyələri yerli özünüidarə orqanı kimi səlahiyyətli orqana çevirməliyik. Bunun üçün icra hakimiyyətinin əsas səlahiyyətləri bələdiyyələrə verilməlidir. Türkiyədə valinin nə səlahiyyəti varsa, bizdə də icra hakimiyyəti başçısının təqribən o səlahiyyəti olmalıdır.
Bundan başqa, bələdiyyələrlə iş üzrə müvafiq dövlət orqanı yaradılmalıdır. Əgər Ədliyyə Nazirliyinin tərkibindəki bu mərkəz bələdiyyələrlə iş üzrə bir departament və ya müstəqil bir agentlik olsaydı, o zaman, əlbəttə, bir dövlət orqanı kimi bələdiyyələrin müvafiq problemlərini qaldıra bilər və müəyyən problemlərin həllində onlara kömək eləyə bilərdi. Amma indiki halda bu səlahiyyətlər yalnız nəzarət funksiyası ilə məhdudlaşır. Ona görə burada bizim müvafiq komitənin də üzərinə müəyyən iş düşür. Mən o fikirdəyəm ki, biz bu istiqamətdə də islahatlar aparmalıyıq. Amma əsas məsuliyyət, sözsüz ki, iqtidarın üzərindədir.
İkincisi, büdcənin Milli Məclisdə müzakirələrində hər zaman söylənir ki, bələdiyyələrə büdcədən saysız-hesabsız, 3 milyon manat pul ayrılır. Əslində, bu 3 milyon manatın hansı məqsədlə ayrılmasının mahiyyətini mən sonradan özüm üçün aydınlaşdıra bilmişəm. Bu 3 milyon manat ona görə ayrılır ki, bələdiyyələrin işinə müdaxilə eləmək, onları yoxlamaq və burada da neqativ hallardan istifadə etmək imkanı yaransın. Baxın, 3 milyon manatdan bu bələdiyyələrin hərəsinə nə qədər pul düşür. Bəzilərinə o 3 milyon manatdan, – mən bunu rəsmən söyləyirəm, – heç nə verilmir. Amma bu 3 milyon manatın ayrılması imkan verir ki, Hesablama Palatası getsin həmin bələdiyyəni yoxlasın. Bu, imkan verir ki, Maliyyə Nazirliyi büdcədən ayrılan bu 3 milyon manatın necə xərclənməsi ilə əlaqədar olaraq həmin bələdiyyəni yoxlasın və sair və ilaxir. Ona görə də növbəti illər üçün o 3 milyon manat pul ya heç ayrılmamalı, ya da elə məbləğdə vəsait ayrılmalıdır ki, bələdiyyələr ondan istifadə edərək, doğrudan da, nə iləsə məşğul ola bilsinlər.
Əlbəttə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən müəyyən iş görülüb. Bu qədər bələdiyyə aktları yoxlanılıb. Bunlara hüquqi qiymət verilib. Bunu biz qiymətləndirməliyik, qəbul eləməliyik. Amma növbəti hesabat üçün bu qurumun səlahiyyətləri genişləndirilməlidir. Əks halda bundan sonra növbəti illər üçün mərkəzin Milli Məclisə hesabat verməsinin heç bir mənası, əhəmiyyəti yoxdur. Bu, millət vəkillərinin boş yerə vaxtının alınması deməkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hər şeydən öncə təqdim edilmiş hesabatın müsbət tərəfləri üzərində dayanmaq istərdim. Əlbəttə, Ədliyyə Nazirliyi ona verilmiş səlahiyyətlər çərçivəsində ölkədə bələdiyyə institu- tunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində üzərinə düşən funksiyanı yerinə yetirməkdədir. Bu səlahiyyətlər çərçivəsində o, ölkə miqyasında bələdiyyələrin maarifləndirilməsi və mövcud qanunvericilik bazası əsasında fəaliyyətinin nizama salınması işinə öz töhfəsini verir. Hesabatda göstərilən ayrı-ayrı faktlar birmənalı şəkildə sübut edir ki, bələdiyyələrlə iş mərkəzi bələdiyyələrin fəaliyyəti üzərində artıq konkret nəzarət imkanlarına malikdir. Bu, əlbəttə, müsbət haldır.
Lakin bununla bərabər mən deyərdim ki, ölkə miqyasında bələdiyyə institutu öz fəaliyyətini bizim arzuladığımız səviyyədə və mövcud qanunvericilik bazası əsasında qura bilmir. Bunun bir səbəbi, əlbəttə, onun gənc olması ilə bağlıdır. Çünki bizdə hələlik bələdiyyələrin yaranmasının o qədər də böyük tarixi yoxdur. Bu, obyektiv amildir. Lakin bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərən subyektiv amillər obyektiv amilləri xeyli üstələyir.
Söhbət nədən gedir? Bələdiyyələrdə aparılan yoxlamalar zamanı onların nöqsanlarının üzə çıxarılması, əlbəttə, lazımdır. Yol verilmiş qanun pozuntularının adekvat cavabları da verilməlidir, necə ki, verilib və hesabatda bu öz əksini tapıb. Lakin bizə o da bəllidir ki, bələdiyyələrin hüquqları bir sıra rayonların icra başçıları tərəfindən çox açıq şəkildə pozulur və bələdiyyələr bir sıra hallarda müstəqil yerli özünüidarə orqanı kimi deyil, sanki rayon icra hakimiyyətinin bir qolu, bir qanadı kimi fəaliyyət göstərir. Bu fakt var, bunu hər birimiz bilirik. Belə olan surətdə inzibati nəzarət funksiyasını yerinə yetirən mərkəz bələdiyyələrin hüquqlarının pozulması ilə bağlı belə bir aşkar faktı nəyə görə aydınlaşdırmayıb və hesabata salmayıb? Hansı bələdiyyə icra başçısının razılığı olmadan 1 sot torpağı belə kiməsə sata bilər və ya burada göstərildiyi kimi, on hektarlarla torpağı kiməsə verə bilər? Miqdarı da artıq 3 rəqəmlə, daha doğrusu, 4–5 rəqəmlə ölçülür. Bunu edən əgər bələdiyyədirsə, aydındır. Bəs buna daha kim şərait yaradıb, bu prosesdə daha kim iştirak edib və nə üçün bu faktlar üzə çıxarılmayıb? Nə qədər ki bu faktlar üzə çıxarılmayıb, nə qədər ki bələdiyyələr üzərində icra başçılarının Domokl qılıncı ortadan götürülməyib, bələdiyyələrin müstəqil şəkildə bir institut kimi formalaşmasında biz hələ xeyli problemlərlə rastlaşacağıq.
Digər məsələ. Bələdiyyələrin maariflənməsi ilə bağlı proses gedir, lakin mən düşünürəm ki, bu, genişləndirilməlidir. Burada mənim hörmətli həmkarlarım bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər irəli sürdülər. Mən düşünürəm ki, bizim qanunvericilik bazamızda bələdiyyələr üçün kifayət qədər səlahiyyətlər öz əksini tapıb. İndi ola bilsin ki, onların təkmilləşdirilməsinə ehtiyac var. Əlbəttə, bu mümkündür. Lakin gəlin görək o səlahiyyətlər çərçivəsində bələdiyyələr öz işlərini qura bilirlərmi? Ümumiyyətlə, bələdiyyələr bilirlərmi ki, onların səlahiyyətləri nədən ibarətdir? Düşünürəm ki, ölkədə fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti hətta öz səlahiyyətləri haqqında elementar biliyə belə malik deyil. Ona görə də maarifləndirmə işi kampaniya xarakteri daşımamalı, sistemli və ardıcıl olmalıdır.
Digər məsələ. Biz güman edirdik ki, bələdiyyələrin birləşməsi konkret və müsbət nəticələr verəcək. Çox təəssüf ki, belə olmadı. Məsələn, mənim seçilmiş olduğum Salyan rayonunda kəndlər arasında haradasa 10–15–20 kilometr məsafə var. Bunların hamısını birləşdiriblər, eləyiblər bir bələdiyyə. Bələdiyyənin sədri bir kənddə oturur. Onun maşını yox, bu kəndlər arasında hərəkət etmək üçün başqa nəqliyyat vasitəsi yox. Həmin kəndlərə avtobus işləmir. Onların işinin həmin bələdiyyə tərəfindən aparılması böyük problemə çevrilib. Ona görə düşünürəm ki, bələdiyyələrin birləşməsi ilə bağlı bizim atmış olduğumuz addım düzgün deyil. Bu, xüsusi bir yanaşma tələb eləyən məsələdir.
Bələdiyyələri maliyyə baxımından dövlətdən tamamilə azad etmək lazımdır. Qüdrət Həsənquliyevin fikri ilə mən də razıyam. 3 milyon həmin bələdiyyələrə heç nə vermir. Lakin ayrı-ayrı dövlət strukturlarının həmin bələdiyyələrə müdaxiləsi üçün geniş imkanlar yaradır. Burada digər həmkarım da söylədi ki, bir sıra hallarda icra başçıları öz hüquqlarını, səlahiyyətlərini bilən və müstəqil şəkildə hərəkət edən bələdiyyələri özündən asılı vəziyyətə salmaq, özünə tabe etdirmək üçün ən müxtəlif vasitələrdən, o cümlədən yoxlamalardan istifadə edirlər. Çünki 3 milyonun bəlkə haradasa 10 mini gəlib bələdiyyəyə çatıbdır. Bu cür yardımları ləğv etmək lazımdır. Mənə elə gəlir ki, bələdiyyələrə dövlət tərəfindən maliyyə yardımı göstərilməməli, əksinə, vergialma şkalası genişləndirilməlidir. Elə etmək lazımdır ki, bələdiyyələr özlərini maliyyə cəhətdən, maddi cəhətdən təmin edə bilsinlər.
İcarəyə torpaqlar verilib. Torpağın icarə qiyməti çox aşağıdır. Mənə elə gəlir ki, bunu artırmaq lazımdır. Eyni zamanda, bizim qanunvericiliyimiz bələdiyyələrə imkan verir ki, onlar özəl məktəb, özəl bağça, özəl səhiyyə ocaqları və sair açsınlar. Mənə bir nümunə göstərin, – bəlkə mən bilmirəm, – hansı bələdiyyədə belə bir özəl məktəb, özəl səhiyyə ocağı, özəl bağça var? Varmı? Yoxdur. Əgər olarsa, bələdiyyə oradan da gəlir götürə bilər. Əlbəttə, başqa gəlir imkanları da var. Düşünürəm ki, bunlar nəzərə alınarsa, biz bələdiyyə institutunun inkişafında ciddi uğurların şahidi ola bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əziz həmkarlarım, burada çox önəmli və çox əhəmiyyətli fikirlər səsləndirildi. Mən çalışacağam, deyilənləri təkrar etməyim.
Əvvəla, ədalət naminə deməliyik ki, hesabat kifayət qədər sanballı, hərtərəfli hazırlanıb. Baxmayaraq ki, bir sıra istiqamətlərdə müəyyən məlumatları vermək də olardı. Mən buna bir azdan qayıdacağam. Amma bütövlükdə bu hesabatın özəlliyi ondan ibarətdir ki, burada ilk dəfə olaraq bir neçə yenilik əks olunub. İlk növbədə ədliyyə orqanlarının işinə inzibati nəzarət funksiyasını həyata keçirən mərkəzin işini yaxşılaşdırmaq üçün yerlərdə müvafiq ədliyyə şöbələrinin yaradılmasını mən alqışlayıram. İkinci, artıq elektron bələdiyyə pilot layihəsinin həyata keçirilməsi ideyasını yüksək qiymətləndirirəm. Çünki bu çox vacib məsələdir. Üçüncü, bu hesabatda konkret qanun pozuntuları ilə bağlı məsələlər – bu qanun pozuntularının aşkarlanması və qarşısının alınması üçün görülən konkret tədbirlər var. Hesabatın bu üç məziyyətinə görə mən onu müsbət dəyərləndirirəm. Əlbəttə, digər məqamlar da var ki, burada sonradan qeyd olunacaq.
Amma bu hesabata daxil edilməsini istədiyim məsələlər də var. İstərdim ki, bizim hörmətli mərkəzin rəhbərliyi gələcəkdə bu məsələlərə diqqət ayırsın. Birinci, çox yaxşı olardı ki, növbəti ilin hesabatında bələdiyyələrin seçicilər qarşısında hesabatlılığına aydınlıq gətirilsin. Belə ki, qanunvericiliyə əsasən bələdiyyələr öz seçiciləri qarşısında hesabat verməlidirlər. Mən tapa bilmədim, bu hesabatlar verilir, verilmir. İkincisi, burada göstərilir ki, il ərzində 26635 akt hazırlanıbdır. Amma aydın olmur ki, bütövlükdə bələdiyyələrin aktlarından, yoxsa Ədliyyə Nazirliyinə təqdim olunan aktlardan söhbət gedir? Üçüncüsü, istərdim ki, biz bələdiyyələrin informasiya-məlumat resurslarının artırılması məsələsinə də diqqət yetirək və heç olmasa, iri şəhərlərdə bələdiyyələrin internet səhifəsinin olub-olmaması, onların birbaşa informasiya texnologiyalarından istifadə etmək imkanlarının hansı səviyyədə olması da hesabatda öz əksini tapsın.
Növbəti məsələ bələdiyyələrin beynəlxalq əlaqələri ilə bağlıdır. Etiraf etməliyik ki, bu əlaqələr çox azdır. Bunu mənim həmkarım hörmətli Məlahət xanım da qeyd etdi. Doğrudur, keçən il Almaniyada və Litvada bizim bələdiyyə nümayəndələrinin görüşləri olub, amma hesab edirəm ki, bununla kifayətlənmək olmaz. Ən azı bələdiyyələrin təcrübəsini öyrənmək üçün beynəlxalq əlaqələr güclənməlidir. Əgər xatırlayırsınızsa, cənab Prezident bir neçə ay bundan öncə icra hakimiyyətləri başçılarının qrup-qrup xarici ölkələrə ezam olunması ilə bağlı tövsiyə vermişdi. Həmin səfərlər çox uğurla həyata keçirilir. Fikrimcə, o təcrübəni biz bələdiyyə sisteminə gətirə bilərik.
Növbəti məsələ. Hesab edirəm, bu çox mühüm məsələdir. Biz bu hesabatda vacib bir məlumatı əldə edə bilmədik. Bəlli olmadı ki, ümumiyyətlə, bu gün bələdiyyə institutunun illik büdcəsi nə qədərdir. Bu gün bələdiyyə institutu ildə nə qədər gəlir əldə edir, nə qədər xərcləyir? Başqa sözlə desək, bələdiyyə bu gün ümumi daxili məhsulun formalaşmasında, Azərbaycanın sosial məsələlərinin həllində necə iştirak edir və onun payı faizlə necə ifadə olunur? Mən çox istərdim ki, növbəti hesabatlarda bu məsələlərə aydınlıq gətirilsin.
Təkliflərlə bağlı. Əlbəttə, burada bələdiyyə ilə bağlı çoxlu fikirlər söylənildi. Onların sayını artırmaq da olar, onları ciddi tənqid etmək də olar. Amma mən hesab edirəm ki, bələdiyyə yeni institut olduğuna görə hamımız ona dəstək verməliyik. Mövcud çətinlikləri də, problemləri də aradan qaldırmaq üçün müəyyən proqram xarakterli fəaliyyətimiz olmalıdır. Qanunvericilik nöqteyi-nəzərindən burada mən iki qanunun qəbuluna ehtiyac görürəm. Bunlardan biri Korporativ sosial məsuliyyət haqqında qanundur. Bayaq hörmətli Gülər xanım çıxışında bununla bağlı düşüncələrini bizimlə bölüşdü. Mən hesab edirəm ki, vəziyyətin bu halda olmasının bir neçə səbəbi var. Onlardan biri də odur ki, Korporativ sosial məsuliyyət haqqında qanun yoxdur. Yaxşı olardı ki, bu qanun hazırlansın və sonra bələdiyyə qurumları da ondan faydalansın. Bir də Sosial sifariş haqqında qanuna, məncə, ehtiyac var.
Hörmətli Ziyafət müəllim, məlumat üçün deyim ki, mən Milli Məclisə bu qanunların hazırlanması ilə bağlı yazılı müraciət etmişəm. Bu qanunların hazırlıq işi ilə biz məşğuluq. Yəqin ki, bu qanunlar Milli Məclisin növbəti gündəliyinə təklif olunacaq.
Sonda isə demək istəyirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı qəbul olunmalıdır. Bütövlükdə mən bu hesabata səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. İclasımızı davam etdiririk. Gündəliyin birinci məsələsi müzakirə olunur. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bələdiyyələrin fəaliyyətinə inzibat nəzarət həyata keçirən orqanın illik məruzəsini dinlədik. Mən Ədliyyə Nazirliyinə, bu işi həyata keçirən qurumlara ən çox müraciət eləyən insanlardan biri olaraq, təbii ki, onlardan narazılıq etmək istəməzdim. Çünki məktublarımın hamısına cavabları mütəmadi alıram. Bəzi cavablar müraciət müəlliflərini qane eləməsə də, o cavabların hamısı dolğun verilir. Bu gün də bu hesabatı çox yüksək səviyyədə qiymətləndiririk. Amma yaxşı olardı ki, bizə bələdiyyələrin fəaliyyəti ilə bağlı ümumi bir məruzə ilə yanaşı, hər rayon üzrə şikayətlər əsasında görülən işlər barədə də məlumat veriləydi. Təmsil elədiyimiz ayrı-ayrı rayonlarda bu sahədə ümumi mənzərəni görməyimiz hər birimiz üçün yaxşı olardı. O təqdirdə biz də öz fəaliyyətimizdə bundan geniş istifadə edə bilərdik.
Millət vəkilləri burada çox məsələlər qaldırdılar. Mən onların hamısını təkrar eləmək istəməzdim. Amma məncə, bəzi məsələlərin üzərində durmağa dəyər. Mən çox istərdim ki, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın vəzifələri sırasına bir məsələ də əlavə olunsun. Bu onun səlahiyyətləri çərçivəsindən kənara çıxarsa, bu məsələdə ona əlavə səlahiyyət də vermək olar. Söhbət ondan gedir ki, bələdiyyələr hesabatlar verməlidir. Vətəndaş institutu olaraq onların bu hesabatları nə cür vermələri, çox təəssüf ki, aydın deyil. Mən özüm də kənd rayonunu təmsil edən millət vəkiliyəm və seçicilərim mənə deyirlər ki, bu hesabatlar, əslində, verilmir. Bələdiyyələr hesabat adı ilə əksər hallarda, sadəcə, öz aralarında bir toplantı keçirir və 3–4 adamı oraya dəvət edirlər. Hesabatlar bu şəkildə gedir. Yəni bələdiyyə ona səs verən seçiciyə öz fəaliyyəti haqqında hesabat vermir. Halbuki qanunvericilikdə bu prosedur dəqiq göstərilib. Bələdiyyələr elanlar asmalı, vətəndaşlar dəvət olunmalıdırlar. Amma heç yerdə görünmür ki, elanlar vurulsun, vərəqələr paylansın, vətəndaşlar dəvət olunaraq onların qarşısında bu hesabatlar verilsin və vətəndaş da bələdiyyənin nə ilə məşğul olduğunu daha geniş şəkildə görüb, fikirlərini açıq şəkildə bildirə, təkliflərini verə bilsin. Ona görə də çox yaxşı olardı ki, biz bələdiyyələrin fəaliyyətinin daha da gücləndirilməsi, daha da təkmilləşdirilməsi üçün onların hesabatlarının verilmə qaydalarına dair tələbləri bir qədər də konkretləşdirək.
Burada vurğulandı ki, bələdiyyələr yeni institutdur və hamımız onların fəaliyyətinin güclənməsinə kömək eləməliyik. Amma təbii ki, bələdiyyələrin fəaliyyətinin güclənməsində ən vacib amillərdən biri onların büdcələridir. Mən komissiyanın sədri hörmətli Arif Rəhimzadədən soruşdum ki, əmlakdan daxilolmalar bələdiyyələrin büdcəsində neçə faizdir. Məlum oldu ki, bu, təxminən 6 faizdir. Amma bələdiyyələrin fəaliyyəti ilə bağlı bəzi məsələlər öz həllini taparsa, bu göstərici yüksək səviyyəyə gəlib çata bilər. Məsələn, bələdiyyə vətəndaşa həyətyanı torpaq sahəsi ayırır ki, özünə ev tiksin. Vətəndaşlar var ki, 10–15 ildir o evi tikib, amma o evin ona məxsus olması haqqında bir sənədi yoxdur. Təbii ki, mülkiyyət haqqında sənəd olmayanda o mülkiyyəti vergiyə cəlb eləmək olmur. Təəssüf ki, belə hallar çoxdur. Nə qədər belə ailələr, insanlar var ki, torpağının sənədi var, amma o torpaqda tikdiyi evin indiyə qədər heç bir sənədi yoxdur. Bu insanların mülkiyyət haqqında sənədləri əllərində olsa, bələdiyyələr də mülkiyyət vergisindən kifayət qədər gəlir əldə edə bilər.
Birbaşa bələdiyyələrə aid olmasa da, mən bir məsələni burada səsləndirəcəyəm, çünki bu, xüsusilə kəndlərdə vətəndaşlarımızı narahat edən məsələdir. Bələdiyyələr qanunla həyətyanı torpaq sahəsi ayırır, vətəndaş da onu alır. Amma insanlar var, artıq neçə müddətdir ki, qanunla aldığı o torpaq sahəsinı rəsmiləşdirə bilmir. Təbii ki, bu, müəyyən problemlər yaradır. Yaxşı olar ki, bu məsələnin həllinə də lazımi orqanlar ciddi diqqət yetirsinlər.
Burada Arif müəllim də çıxışında vurğuladı ki, bələdiyyələr xüsusilə reklam lövhələri, avtodayanacaqlar və sair kimi gəlir mənbələri ilə bağlı problemləri həll etməkdə çətinlik çəkirlər. Bunu da açıq şəkildə demək lazımdır. Bu problemlərin böyük bir hissəsi Bakı şəhərindədir və onların həlli üçün Bakı şəhərində də bələdiyyələrin konkret sərhədləri müəyyənləşdirilməlidir. Əgər qanunvericiliklə buradan gələn gəlirlər bələdiyyəyə aid edilirsə, bunu bələdiyyələr almalıdır. Ona görə də yaxşı olar ki, bu məsələ də öz konkret həllini tapsın.
Mən burada qaldırılan məsələlərin çoxunu dəstəkləyərək onu da demək istəyirəm ki, bu sahədə maarifləndirmə məsələlərinə də ciddi yer vermək lazımdır. Ədliyyə Nazirliyi nümayəndələrinin və elə bizim hamımızın üzərinə düşən vəzifələrdən biri də insanları bu institutun fəaliyyəti ilə bağlı daha çox maarifləndirməkdir. Çünki insanların bu sahədə bilikləri çox azdır. Bu istiqamətdə, təbii ki, maarifləndirmə işi artırılmalıdır.
Mən ümumilikdə bu hesabatı müsbət qiymətləndirir və onu dəstəklədiyimi bildirirəm. Amma biz bələdiyyə institutunun inkişafını istəyiriksə, ona nail olmalıyıq ki, bu sahədə qeyd etdiyimiz problemlər öz həllini geniş şəkildə tapa bilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli həmkarlar, bu gün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2010-cu il üçün hesabatını dinlədik. Təbii ki, bu hesabata münasibət müsbət olmalıdır. Hesabatla tanış olarkən görünür ki, bu orqan xeyli iş görüb.
Mən hesabatla bağlı başqa fikirləri qeyd etmək istəyirəm. Bu hesabat bu gün dinlənildi və burada, tutaq ki, müsbət dəyərləndirildi. Bu hesabat nəyi dəyişəcək? Bələdiyyələrin fəaliyyətində yeni bir canlanma olacaqmı, bu hesabatdan sonra bələdiyyələr bizim arzu etdiyimiz özünümaliyyələşdirmə, özünüidarəetmə funksiyalarını normal yerinə yetirə biləcəkmi? Mənə elə gəlir ki, yox. Çünki bələdiyyələrin fəaliyyəti ilə bağlı çox xoşagəlməz hallar var. Ədliyyə Nazirliyi onsuz da Nazirlər Kabineti qarşısında bu cür illik hesabatlarla çıxış edir. Həmkarlarımın dediyi kimi, inkarolunmazdır ki, yerli icra strukturları bələdiyyələrin fəaliyyətinə mane olur, onların işinə müdaxilə edirlər.
Bələdiyyələr neyləsinlər, kimə müraciət etsinlər, öz işlərini qorumaq üçün haradan dəstək alsınlar? Mən hesab edirəm ki, biz bunun üzərində daha çox düşünməliyik. Bələdiyyələrin gələcəkdə fəaliyyətinin genişləndirilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır. Bu vasitələrdən biri də, hesab edirəm ki, bu gün bələdiyyələrin fəaliyyətinə təkcə inzibati nəzarəti həyata keçirən deyil, daha geniş səlahiyyətli mərkəzi bir qurumun yaradılması ola bilər. Belə bir qurumun yaranması, güman edirəm, həm də yerli icra strukturlarının bələdiyyələrin işinə müdaxiləsinə son qoyar.
Bu gün Azərbaycanda bələdiyyə dedikdə mən iki cür bələdiyyə düşünürəm. Bunlardan biri olduqca varlı, lakin kasıb görüntü yaradan bələdiyyələrdir. Bunlar xüsusilə ərazisində tələbata daha uyğun torpaqlar olan bələdiyyələrdir. Onlar torpaqlarını baha qiymətə satır, lakin bundan bələdiyyə hesabına çox az pul keçirirlər. Bu pul, təbii ki, ayrı-ayrı şəxslərin maddi imkanının yaxşılaşdırılmasına xidmət edir. Amma bələdiyyələr də var ki, düzənliklərdə, aran yerlərdədir, torpaqları münbit deyil və o torpaqların bu gün dəyəri olduqca aşağıdır. Belə bələdiyyələr çox acınacaqlı vəziyyətdədir. Bələdiyyələr arasındakı bu ziddiyyəti təkcə inzibati vasitələrlə aradan götürmək olmaz. Hesabatda qeyd olundu ki, hüquq mühafizə orqanlarına materiallar göndərilib, onların fəaliyyətinə qiymət verilib və sair.
Qeyd olunduğu kimi, bələdiyyələr yeni institutdur və artıq bir neçə seçki keçirilsə də, bələdiyyələrə dövlət qayğısını artırmaq lazımdır. Bələdiyyələr torpaqlarının münbitliyinə, coğrafi şəraitinə uyğun müəyyən layihələrlə, təkliflərlə çıxış etməlidir. Bu təkliflər güzəştli kreditlər vasitəsilə bələdiyyələrə müəyyən gəlir gətirən istehsal sahələrinin, kənd təsərrüfatı ilə bağlı sahələrin, xidmət sahələrinin yaradılması barədə ola bilər. Amma bunu da ucdantutma, kortəbii etmək olmaz. Çünki o kreditlərin mənimsənilməsi halları ola bilər. Mən elə hesab edirəm ki, ayrı-ayrı bələdiyyələrdə, məsələn, 20–30 bələdiyyədə il ərzində bu cür pilot layihələri reallaşdırmaq və oradan gələn gəlirlərə uyğun olaraq gələcəkdə bu praktikanı daha da təkmilləşdirmək mümkündür.
Burada bayaq dayanacaqlardan gələn gəlirlər məsələsi qeyd olundu. Mən hesab edirəm ki, bu çox xırda məsələdir. Təkcə dayanacaqlarla iş bitmir. Amma bunu niyə vurğuladım? Bakının, o cümlədən Gəncənin, Sumqayıtın şəhər mərkəzlərində, kənd rayonlarının rayon mərkəzlərində maşınını hər hansı bir iş üçün qısa müddətə saxlayan insanlardan pul tələb olunması halları var və ola bilər, sabah “Parlament saatı”na baxan bələdiyyə sədrləri yenə də qollarına qırmızı bağlatdırıb ayrı-ayrı adamları xamlamaq üçün yollara çıxsınlar. Əslində, dayanacaq dedikdə xüsusi ayrılmış mühafizə olunan yerlər, orada xidmət göstərən şəxslər və dayanacaq haqqının yerində ödənilib qəbz alınması başa düşülür. Bəs reallıqda nə baş verir? Vətəndaş hətta öz evinin qarşısında maşını saxlayıb 30–40 qəpiyə çörək almağa düşdükdən sonra qayıdarkən qarşısını kəsib deyirlər ki, 20 qəpik də bizə verməlisən. Bunlar bəzən özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edirlər, amma çoxları bələdiyyə işçiləridir. Bu, qanunsuz hərəkətdir. Burada ədliyyə naziri müavininin, nazirliyin müvafiq qurumu rəhbərliyinin olmasından istifadə edərək çox istərdim ki, bu qurum yerlərə sirkulyar məktubları göndərsin, bu hallara son qoysun. Bu, sadəcə olaraq, dilənçilikdir. İnsanlara əl açıb pul tələb edir və qeyd edirlər ki, biz bələdiyyəyik. Heç qəbz və ya hər hansı bir başqa sənəd də vermirlər. Bu halları aradan qaldırmaq lazımdır.
Mən bələdiyyələrin üzərində təkcə inzibati nəzarəti həyata keçirən deyil, daha səlahiyyətli bir qurumun yaradılması təklifi ilə çıxış edirəm. Yəqin ki, bu məqsədlə müvafiq icra orqanları, Nazirlər Kabineti və Prezident Aparatı ilə mütəmadi danışıqlar aparılmalı və gələcəkdə bu məsələnin həlli üçün səylər göstərilməlidir. Bələdiyyələrin ağıllı, dəyərli və gəlir gətirən ideyalarının reallaşması üçün onlara dayaq olan bir mərkəzin yaradılması həm yerli bələdiyyələrin məsuliyyətini artıracaq, – yerli bələdiyyələr bu qurum qarşısında hesabat verəcək və cavabdeh olacaq, – həm də yerli icra orqanlarının bələdiyyələrin işinə müdaxiləsinə son qoyacaq. Bu gün bələdiyyələrlə iş üzrə mərkəz çox az səlahiyyətlərə malik olan bir qurumdur. O, sadəcə olaraq, metodik göstərişlər verir, ixtisasartırma kursları açır və inzibati nəzarəti həyata keçirir. Bu, olduqca azdır. Bələdiyyələrin türk modelinə keçid uzun illər tələb edən çətin prosesdir. O baxımdan hesab edirəm ki, yaxın zamanlar üçün belə səlahiyyətli qurumun yaradılmasına ehtiyac var. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də təqdim olunan bu məruzəni diqqətlə oxumuşam və hesab edirəm ki, bu, yüksək səviyyədə tərtib olunmuş məruzədir. Biz ənənəvi olaraq son illərdə hər il belə bir məruzəni dinləyirik. Əvvəlki illərdən fərqli olaraq builk məruzədə faktlara daha çox yer verilib.
Bilirsiniz ki, bələdiyyə institutu Azərbaycanda müstəqilliyimizdən də gəncdir. Məndən öncə çıxış edən deputat həmkarlarım müxtəlif ölkələrin adlarını çəkdilər. Əlbəttə, onların təcrübəsi ilə bizim bələdiyyə institutunun təcrübəsini müqayisə eləmək o qədər də doğru deyil.
Sonuncu bələdiyyə seçkilərində başqaları ilə yanaşı, mən də Yeni Azərbaycan Partiyası tərəfindən bir sıra bölgələrə göndərilmişdim. Yerlərdə bir daha əmin oldum ki, bələdiyyələr, həqiqətən, öz səlahiyyət və vəzifələrinin bir qismini həyata keçirməkdə çətinlik çəkirlər. Bəzi hallarda səbəb maliyyə vasitələrinin azlığıdır. Digər hallarda, ola bilsin ki, seçilən bələdiyyə üzvlərinin maarifləndirilməsinə ehtiyac var. Mən deyərdim, nəinki maarifləndirmə, həm də bələdiyyələrin problemləri ətrafında ictimai şüurun formalaşması yolunda da müəyyən işlər görülməlidir. Əsas məsələ isə bələdiyyələrin səlahiyyət və vəzifələri ilə yanaşı, hüquqlarının da artırılmasıdır. Burada da, əlbəttə, dövlət dəstəyinə ehtiyac var.
Bütövlükdə hesab edirəm ki, məruzə bəyəniləndir və mən də məruzənin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Bugünkü mövzunun əsas predmeti inzibati nəzarəti həyata keçirən orqanın bir il ərzində necə fəaliyyət göstərməsidir. Bu orqan bir illik fəaliyyəti barədə məruzəni bizə təqdim edib, fəaliyyət millət vəkilləri tərəfindən müsbət qəbul edilib.
Bunun ətrafında söhbət apararkən bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdim. Birincisi, bələdiyyələr haqqında danışılan zaman “yeni qurumdur” ifadəsi işlədilir. Bu bələdiyyələr təxminən mənim deputatlıq təcrübəmlə yaşıddır. Mən birinci dəfə deputat seçiləndə başımda bir dənə ağ tük yox idi, indi saçım ağappaqdır. 10 il ərzində fəaliyyət göstərən bələdiyyəyə “cavandır, yenidir” demək olmaz. Bunu seçiləndən 3 il, uzağı 5 il sonra demək olardı. 10 il ərzində fəaliyyət göstərən bir quruma yeni qurum demək düzgün deyil. Bu, artıq oturuşmuş, cəmiyyət həyatına daxil olmuş və Azərbaycanın ictimai-siyasi həyatında öz yeri olan bir qurumdur.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 əsas mərhələni qeyd etmək olar. Üzvü olduğum Regional məsələlər komitəsində biz bilavasitə bələdiyyələrlə məşğul olduğumuz üçün mən bunu təcrübəmiz əsasında deyirəm. Birinci mərhələdə dövlət tərəfindən pul ayrıldı, tələm-tələsik yerləşdirildi, kabinetlər düzəltdirildi və sair. Bu pullar yeyilib, silindi. İkinci mərhələdə dövlət dedi, mən bura pul ayıra bilmərəm, indi sən artıq oturuşmusan, işlə, qazan, ye. Orada da torpaqdan istifadə məsələsi üzə çıxdı. Torpağın axırına çıxan zaman xəbər tutuldu ki, ey dili-qafil, bələdiyyələr özlərinə məxsus torpaqları satıb, artıq dövlət torpaqlarını satmağa girişiblər. Dövlət dedi, dayan, öz işinlə məşğul ol. İndi üçüncü mərhələdir. Bu mərhələdə bələdiyyələr bir növ dayanıb ətrafa baxır, vəziyyətlərini yaxşılaşdırıb fəaliyyətlərini genişləndirmək üçün dünya təcrübəsindən necə istifadə etməli olduqlarını götür-qoy edirlər.
Azərbaycanda istər rayon, istərsə də şəhər səviyyəsində öz işini bilən, kifayət qədər oturuşmuş bələdiyyələr var. Bələdiyyələr haqqında birmənalı danışmaq olmaz. Burada əsas məsələ bələdiyyələrə kimlərin rəhbərlik etməsindən və bu adamların icra başçıları ilə münasibətindən asılıdır. Bələdiyyələrin taleyini müəyyən edən bax bu iki amildir.
Mən burada bir haşiyəyə çıxmaq istərdim. Bələdiyyələrin fəaliyyətindən danışan zaman birinci növbədə bələdiyyələrin necə dünyaya gəlməsi, yəni o seçki prosesi göz önünə gətirilməlidir. Əgər bələdiyyə seçkilərində iştirak edən adam bələdiyyə üzvü seçiləndən sonra gedib orada filan qədər torpaq götürüb qazanacağını, varlanacağını qarşısına məqsəd qoyursa, ondan qətiyyən bələdiyyənin inkişafını gözləmək olmaz. Bu prosesdə yalnız nəfsinə qalib gələ bilən insandan söhbət gedə bilər.
Şükürlər olsun ki, bu gün dövlətimizin yeritdiyi siyasət bu prosesi tənzimləyə bilər. İnşallah, gələn il bu vaxt növbəti hesabat verilərkən burada tamam başqa bir ab-hava hökm sürəcək. Mən buna tam əminəm. Bu, əlbəttə, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin aparıldığı bir strateji kursun axıra qədər davam etdirilməsindən asılıdır. Mən inanıram ki, bu, davam edəcək. Bəzən mətbuatda, filanda söhbətlər gəzir ki, bu bir kampaniyadır. Mən elə düşünmürəm. Bunun qanunverici bazası var, bununla dövlət səviyyəsində məşğul olan komissiya var. Bu, işləmək qabiliyyəti olan adamların qabağına sipər çəkilməsinə və siyasi buqələmunların meydan sulamasına imkan verməməkdən ibarət olan bir prosesdir. Güman etmirəm, bu proses dayana. Bu, dövlətin taleyi ilə bağlı olan bir məsələdir. Bu, beynəlxalq miqyasda dövlətimizin imicinə xələl gətirən korrupsiya kimi bir düşmənə qarşı amansız mübarizədir. Mən güman eləmirəm, bu mübarizə dayandırılsın. Bunu dövlət başçısı irəli sürüb, cəmiyyət qəbul edib. Mən bu yaxınlarda 3 rayonda seçkilərdə iştirak etdim. İnanın ki, ictimai rəy bu prosesin arxasında durub. Cəmiyyətin heç bir üzvü bu prosesin əleyhinə ola bilməz. Çünki bu, cəmiyyətin əxlaqını formalaşdıran bir prosesdir. Bax o, bələdiyyə əxlaqına çevriləndən sonra görəcəyik bələdiyyələr necə gözəl işləyir, necə fəaliyyət göstərir.
Burada bir məqamı da qeyd etmək istəyirəm. Bələdiyyələr yerli özünüidarəetməni həyata keçirən, özünü maliyyələşdirən bir qurumdur. Kənardan buna təzyiq göstərmək olmaz. Bu, dünyada qəbul olunmamış bir şeydir. Yaxşı, bu inzibati nəzarət də olmasa, onların fəaliyyəti necə ola bilər? Ona görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işini biz layiqincə qiymətləndirməliyik.
Məruzəyə gəldikdə burada əks etdirilən məsələlər bizim komitədə də kifayət qədər ətraflı araşdırılıb, müzakirə olunub. Burada komitənin sədri Arif müəllim də onunla bağlı iradlarını dedi. Məruzəçi tərəfindən də təklif və rəylər irəli sürüldü. Bu məruzə Azərbaycan bələdiyyələrinin fəaliyyətini özündə kifayət qədər əks etdirən bir hesabatdır. Bunu məqbul bir məruzə kimi qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bir daha ədliyyə naziri müavininin burada dediyi fikirlərə görə təşəkkürümü bildirirəm. Çünki onun məruzəsində səsləndirilən hər 3 təklif, həqiqətən, çox əhəmiyyətlidir. Bunlar vacib məsələlərdir. Amma hesab edirəm ki, bu siyahını daha da genişləndirmək və böyütmək olardı.
Açığı, mən də bələdiyyələrə daha çox vəsait ayrılmasının və onlara əlavə səlahiyyətlər verilməsinin tərəfdarıyam. Bununla belə, mən qəti əleyhinəyəm ki, bələdiyyənin funksiyasına uyğun gəlməyən, yerində olmayan bələdiyyə sədrlərinin səlahiyyətlərini artıraq və ya onların ixtiyarına yeni vəsaitlər verək.
Konstitusiyaya edilən əlavə və dəyişikliklərin biri də bələdiyyələrin Milli Məclis qarşısında hesabatı məsələsi idi. Amma biz bunu Konstitusiyaya əlavə kimi qəbul etsək də, hələ ki, bunun işləmə mexanizmini yarada bilməmişik. Hesabatdan da göründü ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının bu sahədə geniş səlahiyyətlərindən söhbət gedə bilməz. Belə olan halda güman edirəm ki, biz Milli Məclis olaraq bu məsələni qaldırmalı və onun həllinə çalışmalıyıq. Çünki bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı sahəsində və ümumən sosial məsələlərdə atılan uğurlu addımların ardınca məhz yerlərdə bələdiyyələrin güclü fəaliyyəti hiss olunmalıdır. Amma əslində, bələdiyyələr bu gün də bir atasız-anasız övlad kimi durduğu yerdə durub və onlarda hələ ki, yeni bir nəfəs, yeni bir güc hissi olunmur.
Deyirik ki, il ərzində bələdiyyələrə 3 milyon manat vəsait ayrılır. Amma bunu ölkəmizdə olan bələdiyyələrin sayına böldükdə çox kiçik bir məbləğ alınır və bu məbləğlə, təbii ki, heç bir şey etmək mümkün deyil. Bu, simvolik bir rəqəmdir. Lakin ölkə üzrə bələdiyyələrə ayrılan o 3 milyon manat 5 il ərzində 15 milyon manat edir. Təklif edirəm, bu 15 milyon manatla bir fond yaradılsın. Bu vəsait banka qoyulsun və faizlərin hesabına müxtəlif vəsaitlər hər hansı bir ardıcıllıqla bələdiyyələrə ayrılsın. Sonuncu ildə də yerdə qalan ana vəsait yenidən bələdiyyələrə ayrıla bilər. Məncə, bu barədə düşünməyin vaxtı çatıb.
Başqa bir maliyyə mənbəyi də korporativ sosial məsuliyyət məsələsidir. Bu gün bütün bələdiyyə iclaslarında hamını bir sual düşündürür: haradan vəsait tapaq? Hər hansı bir məsələni həll etmək, hər hansı bir tədbiri keçirmək üçün vəsaitin tapılması üzərində oturub günlərlə baş sındırırlar. Əgər bu gün biz ölkəmizdə kifayət qədər güclü kapital toplamış böyük şirkətlərin korporativ sosial məsuliyyət məsələsini qoya bilsək və Milli Məclis olaraq hətta qanun qəbul etməmişdən öncə bu şirkətlərin fəaliyyətində şəffaflıq məsələsini gündəmə gətirə bilsək, məncə, bələdiyyələrin bir çox problemlərini kökündən həll etmiş olarıq.
Mən bayaq bu barədə sual verərkən nümunə olaraq iki şirkətin adını çəkdim. Bir daha bu iki şirkətin nümunəsində fikrimi izah etmək istəyirəm. Bu gün, bildiyimə görə, Azercelin məsul şəxslərinə sosial layihələrlə bağlı hər hansı işlər görürsünüzmü sualını verdikdə onlar deyirlər ki, əgər biz 1 milyon manat qazanmasaq, 10 min manat sosial layihəyə ayıra bilmərik. Bu vəsaitin də Azərbaycanda bizim şou-biznes məkanında olan insanlara çəkilən kliplərdən sonra daha çox hansı layihələrə xərcləndiyi ilə maraqlansaq, doğrudan da, onun çox cüzi bir vəsait olduğunu görərik. Siz bilirsiniz ki, Azercelin də, Bakcelin də qüllələri bütün Azərbaycan ərazisində var. Bunlar hətta o qüllələrin ucaldıldığı ərazinin ətrafında belə işıqlandırma məsələlərinə vəsait xərcləmək istəmirlər.
Cənab Prezident sonuncu çıxışlarının birində konkret olaraq dedi ki, biz gələcəkdə nəinki magistral şoselərin, həm də kəndlərə gedən yolların yenidən təmir olunub Avropa standartlarına çatdırılması üçün müəyyən addımlar atacağıq. Mən çox istərdim ki, bayaq dediyim güclü kapital toplamış şirkətlər də, heç olmasa, kəndarası yolların çəkilməsi, kəndlərdə kiçik xəstəxana və məktəblərin, bu gün Azərbaycan üçün çox böyük problemə çevrilmiş uşaq bağçalarının tikilməsi üçün müəyyən addımlar atsınlar. Doğrudur, dünya praktikasına görə bu, bələdiyyələrin görəcəyi işdir. Amma bayaq qeyd etdiyim kimi, vəsait çatışmazlığı ucbatından bələdiyyələr belə layihələri həyata keçirmək iqtidarında deyil. Tam ədalətli olmaq üçün istəməzdim desinlər ki, biz burada böyük kapital toplamış bütün şirkətlər haqqında pis söz danışırıq. İnternetdən öyrəndim ki, MDB-də Dövlətlərarası Şuranın ali mükafatını bizim ölkəmizdə yalnız bir şirkət alıb. O da Azərsundur. Amma nə Azercelin, nə Bakcelin, nə də digər şirkətlərin bu cür korporativ sosial məsuliyyət məsələsində adı çəkilir. Ümumiyyətcə, bunlar bu məsələlərdən çox kənardadırlar.
Bu gün bələdiyyələrin düşdüyü çətin vəziyyətdən çıxması üçün qanun qəbul edəcəyimiz təqdirdə biz korporativ sosial məsuliyyət məsələsini, məncə, 1 nömrəli məsələ kimi ortaya qoymalıyıq. Amma mən çox istərdim ki, biz bu qanunu gözləmədən hökumətin qarşısında bu məsələləri qaldıraq və ən güclü şirkətlərin yerlərdə həyata keçirilən sosial layihələrdə iştirakı ilə bağlı müəyyən məsələlər həll olunsun.
Mən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Əlbəttə, çox xoşagələn faktdır ki, bu gün Milli Məclisdə qadınlarımızın sayı artıbdır. Amma bələdiyyələrlə bağlı bu tendensiyanı bir o qədər də görmək mümkün deyil. Çünki bələdiyyə üzvləri arasında xanımlar olsa belə, bələdiyyə sədrləri arasında qadınlara mən rast gəlməmişəm. Bilmirəm, bəlkə də bir və yaxud üç nəfər harada isə var.
Mən bir vacib məsələni də qeyd etmək istərdim. Hesabatda kənd və şəhər rayonlarında olan bələdiyyələr arasındakı fərq qətiyyən hiss olunmadı. Halbuki onlar arasında fərq çox böyükdür. Kənd rayonlarında olan bələdiyyələrlə şəhərlərdə olan bələdiyyələrin funksiyaları, strategiyası, görəcəyi işlər köklü surətdə bir-birindən fərqlənir. Ona görə də təklif edirəm ki, şəhər bələdiyyələri ilə kənd bələdiyyələri arasında olan bu fərqi əks etdirən hər hansı bir sənəd hazırlansın və həyata keçirilsin.
Sədrlik edən. Çox sağ olun. Qalib Salahzadə.
Q.Salahzadə. Çox sağ olun, hörmətli Sədr. Yəqin ki, burada olan millət vəkilləri arasında məndən çox bələdiyyə staji olan adam yoxdur. 12-ci ildir, mən bələdiyyə işi ilə məşğulam. Fikir verirəm, burada çıxış edənlərin 60–70 faizi bələdiyyələri tənqid edir ki, nöqsanlar var, bələdiyyə pul qazandı, bələdiyyə nə isə elədi. Əslində, reallıq tamam başqa cürdür. Yəni necə? Bələdiyyə heç vaxt özbaşına olmayıb və yəqin, bundan sonra da heç vaxt özbaşına olmayacaq. Reallıq bu cürdür ki, əgər bələdiyyə sədri bir qərar çıxarıbsa, bələdiyyə üzvlərinin hamısı ona qol çəkməlidir. Mən bayaqdan fikir verirəm, burada söhbətlər elə gedir ki, guya bələdiyyə sədri nə istəsə, edə bilər. Elə söhbət yoxdur. Orada 19 nəfər bələdiyyə üzvü varsa, 19-u da qərara qol çəkməlidir.
Düzdür, bələdiyyə işlərinə cürbəcür müdaxilələr olur. Kim isə tapşırır, kim isə zəng edir, kim isə qorxudur. Müəyyən yollarla bələdiyyədən torpaq qopartmaq, almaq və sair kimi hallar var. Bu olan şeydir, Azərbaycandayıq biz. Sonra deyirik ki, bələdiyyələr işləyə bilmir.
Biz əgər, həqiqətən, bələdiyyələrin inkişaf etməsini istəyiriksə, mütləq bələdiyyə polisi yaradılmalıdır. Əgər bələdiyyə polisi olmasa, bələdiyyə polisindən çəkinən olmasa, bələdiyyə qanuni haqqını ala bilməyəcək. Qaz idarəsi lazım olursa, gedir qazı kəsir, pulunu alır, işıq idarəsi lazım olursa, işığı kəsir, pulunu alır. Bələdiyyə necə alsın pulunu? Bunlar hamısı bələdiyyənin çatışmayan cəhətləridir. Mən Milli Məclis deputatlarından çox xahiş edirəm, bu incəliklərə fikir versinlər.
Bələdiyyə sədri bu vəzifədə 5 ildən artıq olmur. İkinci seçkidə onu mütləq dəyişdirirlər. Sədrə təzyiq edən, cürbəcür tapşırıqlar verən adamlar onu sərbəst işləməyə qoymurlar. Nəticə isə acınacaqlı olur. Elə bələdiyyə sədri var, həbsə düşür. Mən çox xahiş edirəm, bələdiyyə sədri səhv edibsə, qeyri-qanuni torpaq veribsə, həmin torpağı vətəndaşdan alıb bələdiyyəyə qaytarmaq və həmin bələdiyyə sədrini də işdən qovmaq lazımdır. Yoxsa ki, 5 sot, 10 sot kimə isə torpaq verib, lap elə 5 min, 3 min qazanıb… Əgər bələdiyyə sədri 10 manat pulu alıb cibinə qoyursa, orada olan 19 nəfər o 10 manat puldan xəbərdardır. Hamısı bilir ki, bələdiyyə sədri filankəsov filankəsə 10 sot torpaq verdi, 100 manatı aldı, qoydu cibinə. Bu şeylər bu cür olur. Çox xahiş edirəm, bələdiyyə sədrlərinin həbsi ortadan götürülsün. Bələdiyyədə heç kəs təklikdə günahkar ola bilməz. Sədr tutulursa, 19 üzv də tutulmalıdır.
Qaldı ki, bizim bəzi bələdiyyələrin işçilərini dilənçilərə oxşatmaq lazım deyil. Bələdiyyə işçiləri dilənçi deyillər. Yerlərdə yalnız hörmətli, tanınmış şəxsləri bələdiyyə üzvü seçirlər. Dilənçini bələdiyyə üzvü seçməzlər. Xahiş edirəm, belə şeylərə fikir verəsiniz.
Mən razı deyiləm ki, bələdiyyə işçiləri həbsə getsin. Çünki bələdiyyə sədri həbsə gedirsə, onunla bərabər 19 nəfər də həbsə getməlidir. Sədr qərar çıxaranda bu qərara 19 adam qol çəkir. Necə olur ki, bir bələdiyyə sədri gedir həbsə girir, 19 nəfər qalır bayırda? Elə şey ola bilməz. Qanunda yoxdur axı. Gərək bələdiyyə işçiləri hamısı buna qol çəksin, hamısı da qol çəkir. Bələdiyyə sədri də girir türməyə ki, 10 sot torpaq satmışam. Bunların balalarını, ailəsini nəzərə almaq lazımdır.
Bələdiyyələrin inkişafına dair onu deyə bilərəm ki, axır 10 il ərzində bələdiyyələrdə, həqiqətən, inkişaf var. Çatışmayan cəhətləri, nöqsanları aradan qaldırmaqdan ötrü isə biz bələdiyyələrə köməklik göstərməliyik. Bəlkə mənim dediklərim kimləri isə qane eləmədi. Ancaq mən hər halda burada sözün düzünü dedim. Sağ olun.
Sədrlik edən. Çıxış elədin, amma çıxışın həm səmimi, həm də ziddiyyətli oldu. Bir az ona görə başa düşülmədi. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Qalib müəllim çıxışında qeyd elədi ki, uzun müddət bələdiyyə sədri olub. Mən də vaxtilə bələdiyyə sədri olmuşam. Ancaq çox qısa müddətdə, təxminən bir il bu vəzifədə işləmişəm. O bir il ərzində topladığım təcrübəyə əsaslanaraq bəzi təkliflərimi demək istəyirəm.
Unutmayaq ki, bələdiyyə seçkili orqandır. Parlament də seçkili orqandır. Əgər parlamentin aparatı olmasa idi, biz seçilən deputatlar gəlib bir iş görə bilərdik? Əlbəttə ki, yox! Mütləq aparat olmalıdır. Aparat, mütəxəssislər buradakı təklifləri araşdırıb işlədikdən sonra parlament onları qəbul eləyir. Bələdiyyələr də seçkili orqandır. Keçən çağırış vaxtı mən bu fikri desəm də, o, diqqətdən kənarda qaldı. Onun üçün indi onu təkrar eləmək istəyirəm.
Mən vaxtilə bələdiyyə sədri seçilmişəm. Nəyə görə seçilmişəm? Ona görə ki, rayonda yaşamışam, rayonda həkim olmuşam, camaat məni tanıyıb, məni seçib. Ancaq mən idarəçiliklə heç vaxt məşğul olmamışam. Belə hallar çox olur. Mən bələdiyyə sədri seçildim. Seçkinin səhəri günü gəlib otururam bələdiyyə sədrinin kabinetində və başlayıram bələdiyyə fəaliyyətini icra eləməyə. Mən axı bu fəaliyyətdən xəbərsizəm. Mən bunu necə icra edə bilərəm? Sözsüz ki, nöqsanlar buraxılır və ilin axırında inzibati nəzarət orqanından gəlib deyirlər, filan-filan nöqsanlar olubdur. Bunlar olmasın deyə mən nə təklif edirəm? Təklif edirəm ki, bələdiyyələrin də aparatı yaransın. Mən Bakı, Sumqayıt bələdiyyələri kimi iri bələdiyyələri deyə bilmərəm, ancaq rayon bələdiyyələrinin aparatını təşkil eləyən adamlar bir kassir, bir mühasib, bir də süpürgəçidir. Yəni faktiki olaraq bələdiyyə seçkilərindən sonra qalan adamlar o 3 nəfər olur. Bunlar da, sözsüz ki, təzə gələn adamları bu sahədə maarifləndirə bilməzlər.
Mən təklif edirəm ki, bələdiyyələrin əksəriyyətində, xüsusən də rayon bələdiyyələrində hüquqşünas ştatı, torpaq üzrə mütəxəssis ştatı olsun. Elə olduğu halda, sözsüz ki, seçilən adam çağırar öz hüquqşünasını, deyər, ay qardaş, mənə belə bir müraciət var. Bunu eləyə bilərəm, ya yox? Ona görə ki, bu hələ təcrübəsizdir. Mən, misal üçün, bizim bələdiyyələrlə iş mərkəzinə, Mehdi müəllimə təşəkkür edirəm. Bu istiqamətdə çox iş aparılır. Seminarlar keçirilir. Ancaq bundan ötrü vaxt lazımdır. Amma bələdiyyə seçildiyi gündən işə başlayır. Ona görə mən hesab edirəm ki, bələdiyyələrdə müəyyən mütəxəssislər olmalıdır.
İndi siz deyərsiniz ki, onda onları bələdiyyələr özləri maliyyələşdirsin. Bələdiyyələrin, xüsusən də rayon bələdiyyələrinin belə bir imkanı yoxdur. Bəs burada çıxış yolu nədən ibarətdir? Deyirsiniz ki, bələdiyyələrə dövlət tərəfindən 3 milyon manat dotasiya ayrılır. Mən təklif edirəm ki, o vəsait məqsədli dotasiya kimi ayrılsın. Yəni o dotasiya bələdiyyələrdə müəyyən ixtisaslar üzrə ştatlar yaradıb saxlamaq üçün ayrılsın. İnandırım sizi ki, hazırda bu dotasiya heç bir bələdiyyənin fəaliyyətinə əhəmiyyətli bir təsir göstərmir. Onsuz da icra hakimiyyəti tərəfindən onu ora-bura istiqamətləndirirlər, qurtarır gedir. O dotasiya böyük bir pul deyil. Amma mənim bu təklifim qəbul olunarsa, təsəvvür eləyin, Azərbaycanda nə qədər əlavə iş yeri yaranar. Heç olmasa, hər beş bələdiyyədən birinə hüquqşünas, arxitektor, torpaq mütəxəssisi ştatları verilərsə, görün nə qədər əlavə iş yeri yaranmış olar. Eyni zamanda da, dotasiya pulları ora gedər və yeni seçilən, təcrübəsi olmayan bələdiyyə işçiləri, sədrləri də nə edəcəklərini bilərlər. Axır nəticədə onların işində bu qədər nöqsanlar meydana çıxmaz. Mənim təklif eləmək istədiyim bu qədərdir. Sağ olun.
Sədrlik edən. Hikmət müəllim, görün ölkədə nə qədər bələdiyyə var. Hər bələdiyyəyə 3–4 yeni ştat versək, 3 yox, 10 yox, bəlkə də 100 dəfə artıq dotasiya ayırmalıyıq ki, bu ştatları saxlaya bilək. Bələdiyyəyə 19 nəfər seçilir. İnsanlar özləri seçirlər. Seçəndə, xalq özü baxır. Onların içində hüquqşünas da, arxitektor da olmalıdır. Yoxsa bizim təzədən bir aparat yaradıb bələdiyyələrin funksiyasını ona verməyimiz düzgün olmaz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kənd bələdiyyəsinə ayırmasan, şəhər bələdiyyəsinə ayırsan, bu ayrı-seçkiliyi necə əsaslandıra biləcəksən? Bahar xanım buyursun.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Müzakirələr, doğrudan da, çox maraqlı bir həddə gəlib çatdı. Bu müzakirələrdə hər cür fikirlər səsləndi. Hər kəs bələdiyyə haqqında düşüncələrini və yaranmış vəziyyətdən çıxış yollarının nədən ibarət olduğu barədə fikirlərini ortaya qoydu. Mən hər birini təbii, normal qəbul edirəm. Amma burada normal qəbul ediləsi mümkün olmayan fikirlər də səsləndi. Əlbəttə, buna da hər kəsin öz münasibəti ola bilər. Əsas müzakirə predmeti olan bir neçə məsələ var.
Birinci, bələdiyyələrin səlahiyyətləri, ikinci, bələdiyyələrin bu səlahiyyətləri həyata keçirmək üçün əldə edəcəkləri vəsait, üçüncü, bələdiyyənin fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən orqan. Əlbəttə, bütün fikirlər bu məsələlərin üzərində cərəyan etdi.
Hər şeydən əvvəl mən onu söyləmək istəyirəm ki, on ildir Azərbaycanda bələdiyyə institutu formalaşmaqdadır. Bəli, nöqsanlarımız, bizi narahat edən, nigaran qoyan məsələlərimiz çoxdur. Amma biz bir xeyli yol getmişik. İndi burada səslənən təkliflərin bir çoxunu həyata keçirəsi olsaq, onda gərək biz bu yolun yarısından geri qayıdaq və administrativ bir orqan yaradaq. Onun da üzərində bir orqan yaradaq ki, ona nəzarəti həyata keçirsin. Yaddan çıxarmayaq ki, bu, yerli özünüidarə orqanıdır. Yox, əgər biz büdcə vəsaiti ilə işləyən dövlət təşkilatı yaratmaq istəyirdiksə, bütün səviyyələrdə belə qurumlar var. Əgər yerli özünüidarə qurumu yaratmaq istəyiriksə, onda bu danışdıqlarımızın bir çoxu məqsədlərimizə uyğun gəlmir. Yerli özünüidarə qurumu da öz səhvləri üzərində təkmilləşə-təkmilləşə, nəhayət, formalaşıb bu gün dünyada mövcud olan qurumlar səviyyəsinə gəlib çata bilər. Biz nədənsə inanmırıq ki, buna gəlib çata bilərik. Biz şüurlarımızda, yanaşmalarımızda, təfəkkürümüzdə dəyişiklik etmək əvəzinə qurumları, qanunlarımızı dəyişmək, onlara əlavələr etmək istəyirik.
Mən sizi əmin edirəm ki, bələdiyyələr haqqında qanunlar bu qurumlara kifayət qədər geniş səlahiyyətlər verir. Əlbəttə, bu səlahiyyətlərin onlara nə dərəcədə verilib-verilməməsi bugünkü Azərbaycan reallığı üçün söhbət mövzusu ola bilər. Amma bu bizə imkan vermir ki, biz getdiyimiz yoldan, əldə etdiyimiz nailiyyətdən geri çəkilək və heç bir ölkədəki qurumlara bənzəməyən bir qurum yaradaq və deyək ki, bizim təcrübəmiz budur. Əgər 10 illik təcrübədən sonra biz burada eşitdiyimiz fikirləri səsləndiririksə, onda, məni bağışlayın, bir illik təcrübəsi olanın çıxışlarında xeyli sayda nöqsan tapmaq olar.
Mən deputat Salahzadəni dinlədim və onun fikirlərinin bir çoxu, açıq deyirəm, məni qane etmədi. Əgər o, səmimidirsə, sözün düzünü deyirsə, deməli, onun düz hesab etdiyi yerində deyil. Qanun qarşısında hamı cavabdehdir, əlbəttə. Amma şəxslər var ki, onlar qanun qarşısında tabeçiliklərində olanlardan qat-qat artıq məsuliyyət daşıyırlar. Hər kəs öz səlahiyyətinə görə məsuliyyət daşımağı bacarmalıdır. Bu gün heç kim bələdiyyələri kütləvi şəkildə cəzalandırmaq məqsədini qarşıya qoymayıb. Ona görə də bu məsuliyyəti bölüşməyə çalışmağa ehtiyac yoxdur.
Bu gün biz vəziyyətdən çıxış yolu axtarırıq. Nə etməliyik, işimizi necə qurmalıyıq? Bunun da bir yolu var. Qanun bunu müəyyənləşdirib. Qanunda nəzərdə tutulan səlahiyyətlər zaman-zaman, mərhələ-mərhələ bələdiyyələrə verilməlidir və bələdiyyələr vəsaitlərini dövlət büdcəsindən almamalıdır. Mən bələdiyyəyə verilən büdcə vəsaitinin tamamilə kəsilməsinə tərəfdaram. Burada çalışan insanlar himayəçilikdən qurtulsunlar və düşünsünlər ki, hansı qurumda işləməyə gedirlər? O, mənzil-istismar sahəsində işləməyə getmir ki, mərkəzi kommunal idarəsindən pul istəsin. O, xalqın etimadını doğrultmağa, onun imkanlarını səfərbər edən, bir araya gətirən qurumda çalışmağa, ona inanan şəxslərin problemlərini həll etməyə gedir. Bu vəsait Azərbaycan vətəndaşlarındadır, Azərbaycanda fəaliyyət göstərən özəl qurumların verəcəyi vergilərdədir, əmlak vergisindədir, torpaq vergisindədir. Bunlar da bələdiyyələrin səlahiyyətinə aiddir. Gəlin onlara verdiyimiz səlahiyyətləri həyata keçirmək üçün mühitimizi saflaşdıraq. Hər kəsin öz səlahiyyətləri çərçivəsində işləməsinə şərait yaradaq.
Biz özümüz təfəkkürümüzdə dəyişiklik edə bilməyəcəyiksə, Azərbaycanda bələdiyyələr inkişaf etmiş quruma çevrilməyəcək. Biz cürbəcür yollar axtarırıq. Bələdiyyə polisi yaradaq? Yaradaq. Bələdiyyə polisini də yaradacağımız gün olacaq. Yaxşı, bələdiyyə polisi vergini ödəməyəni tutdu, siz deyən kimi, cəzalandırdı. Bəs, bələdiyyə orqanlarına rəhbərlik, bələdiyyə qurumlarını təmsil edən insanların nöqsanlarını da sərf-nəzər edən bir qurum, məhkəmə var. Yaranmış bütün mexanizmləri bir kənara ataraq yeni mexanizm axtarmağa ehtiyac yoxdur.
Mən düşünürəm ki, bələdiyyələrin qanunla nəzərdə tutulan fəaliyyətləri nəticəsində əldə edəcəkləri gəlirlərdən başqa da xeyli gəlir sahələri var. Dünyada qrant sistemləri mövcuddur. Bələdiyyə də yerli özünüidarə orqanıdır, ictimai bir qurumdur. O da müxtəlif donor, özəl təşkilatlara müraciət edərək bəzi layihələrini maliyyələşdirmək üçün qrantlar ala bilər. Bəlkə də biz dövlət tərəfindən ayrılan qrantlar çərçivəsində qeyri-hökumət təşkilatlarına, digər qurumlara qrantlar verildiyi kimi, bələdiyyələrin də müəyyən layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi yollarını tapa bilərik. Dövlətin ayırdığı vəsait 1700 bələdiyyə arasında paylaşdırılır. Hərəsinə 15–20 manat ayrılmasın, ayrıca qrant layihələri üçün ayrılsın və bələdiyyələr arasında yarış əmələ gəlsin. Sağlam bir yarış mühiti formalaşsın ki, insanlar öz fikirlərini, ideyalarını reallaşdırmaq üçün imkanlarını bir araya gətirsinlər.
Biz maarifləndirmə işini ilk növbədə bələdiyyə üzvləri arasında gücləndirməliyik. Sonra bələdiyyə üzvlərini seçən seçicilər arasında bu işi aparmalıyıq ki, ay seçici, bu sənin özünün qurduğun özünüidarə qurumudur, birinci növbədə sən buna qayğı göstərməlisən. Hər kəs bunu dövlətin himayəsində olan qurum kimi qəbul edəcəksə, onda ondan heç nə tələb edilməsin. Getsin müvafiq dövlət qurumlarına. Mən düşünürəm ki, biz çox yaxşı bir təcrübə əldə etmişik. Bütün nöqsanları, mənfilikləri, naqislikləri ilə bərabər çox yaxşı müsbət bir təcrübəmiz var. Bu təcrübəni inkişaf etdirməli, Azərbaycanda bələdiyyə qurumlarını ayaqda saxlamaq üçün lazım olan addımları atmalıyıq. İlk növbədə qanunlara əməl etməklə.
Mən bələdiyyələrin fəaliyyətinə nəzarət orqanının hesabatını müsbət qəbul edirəm. Hesab edirəm ki, onlar səlahiyyətləri çərçivəsində kifayət qədər işlər görə biliblər. Bu fikirlərlə də razıyam ki, bəli, həmin qurumların işini daha yaxşı əlaqələndirmək üçün bəlkə də nəzarət funksiyasını həyata keçirən orqanın səlahiyyətlərini genişləndirmək və ya ayrıca bir qurum yaratmaq olar. Oqtay müəllim, məsələ kifayət qədər ciddi müzakirə olundu və biz bu məsələni səsə qoyub qəbul edə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təkliflər yoxdur ki? Mən istərdim ki, Vilayət müəllim suallara cavab versin. Buyurun, Vilayət Zahirov.
V.Zahirov. Çox sağ olun, cənab Sədr. Mən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında illik məruzə ilə bağlı Milli Məclisdə bu gün səslənən konstruktiv fikirlərə, maraqlı təkliflərə, iradlara görə millət vəkillərinə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da, bu çıxışlarda bələdiyyə həyatını, yerli özünüidarəni, yerli demokratiyanı əhatə edən bütün məsələlər öz əksini tapıb. Bələdiyyələrin səlahiyyətinin genişləndirilməsi, maliyyə imkanlarının, yerli vergi və rüsumların daha da artırılması, toplanması haqqında, korrupsiyaya qarşı mübarizə ilə, hakimiyyət orqanları və bələdiyyələrin əlaqələrinin intensivləşdirilməsi, gücləndirilməsi ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi, bələdiyyələrin fəaliyyətinə müdaxilələrin yol verilməməsi və digər məsələlərə, o cümlədən yerli özünüidarə, yerli demokratiyanın inkişafı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi haqqında dəyərli, maraqlı fikirlər səsləndi.
Burada səslənmiş bütün fikirlər tərəfimizdən nəzərə alınacaq, biz bunları təhlil edəcək və gələcəkdə qanunvericiliyin imkan verdiyi həddə inzibati nəzarətin həyata keçirilməsinə çalışacağıq. Buradakı çıxışlarda da bir neçə dəfə səsləndi ki, illik məruzə sırf inzibati nəzarətlə bağlı hazırlanmışdır. Biz inzibati nəzarətlə bağlı illik məruzəni hazırlayarkən “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının, o cümlədən Azərbaycan qanunvericiliyinin, xüsusilə də Konstitusiyanın tələblərini nəzərə almağa çalışmışıq.
Bildiyiniz kimi, 2009-cu il martın 18-də ölkəmizdə keçirilmiş ümumxalq referendumunda yerli özünüidarə sistemində də dəyişikliklərlə bağlı müddəalar qəbul edilmişdi. Bu sistemin inkişafını nəzərdə tutan bir sıra müddəalar da Konstitusiyaya əlavə olunmuşdur. Konstitusiyanın 146-cı maddəsində yeni müddəalar öz əksini tapmışdır. İlk dəfə olaraq Konstitusiyada bələdiyyələrin müstəqil fəaliyyət göstərməsi, onların dövlət qarşısında məsuliyyət daşıması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında məruzənin Milli Məclisdə dinlənilməsi ilə bağlı müddəalar da öz əksini tapır. Düşünürəm ki, burada səslənən və inzibati nəzarətə aid olmayan bir çox fikirlər bələdiyyələrin hesabatları dinlənilərkən təhlil olunacaq və qaldırılan suallara cavablar tapılacaqdır.
Eyni zamanda, çıxışlarda bizim ünvanımıza bir neçə sual da səsləndi. Həmin sualları da cavablandırmaq istərdim. Hörmətli Məlahət xanım qeyd etdi ki, Azərbaycanın Avropa Bələdiyyələri Assambleyasında, həm təşkilatda, həm də onun tədbirlərində bir üzv kimi iştirak etməməsinin səbəbi nədir? Düşünürəm ki, Məlahət xanım Avropa Regionlar Assambleyasını nəzərdə tutubdur. Doğrudan da, bu təşkilat 1985-ci ildə yaradılmışdır. Hazırda orada 33 dövlət təmsil olunur. Eyni zamanda, ayrı-ayrı regional qurumlar da burada təmsil olunurlar. Bildirmək istərdim ki, bu təşkilatla bağlı bizə rəsmi müraciət daxil olmayıbdır. Keçən ilin payızında, oktyabr ayında Avropa Şurasında keçirilən tədbirlərdə bizim nümayəndə heyətimizə həmin təşkilatın nümayəndəsi işçi qaydasında yaxınlaşaraq belə bir təşkilatın fəaliyyəti, əlaqələrin qurulması ilə bağlı müraciət edib. Bizim nümayəndə isə rəsmi qaydada müraciət olunmasını tövsiyə edibdir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması məsələsi müxtəlif ölkədaxili prosedurlardan keçdikdən, ayrı-ayrı dövlət qurumlarının rəyi alındıqdan sonra həll oluna bilər. Belə bir müraciət daxil olarsa, yəqin ki, Azərbaycanın bu təşkilata üzv olması məsələsinə də baxılar.
Lakin bu suala cavab verərkən mən qeyd etmək istərdim ki, onsuz da ölkəmiz, qeyd olunduğu kimi, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən yerli özünüidarəetmə sahəsində fəal iştirak edir. Ölkəmiz Avropa Şurasının Yerli və regional hakimiyyətlər konqresində bizim nümayəndə heyəti qismində çox fəal iştirak edir. Bu gün Azərbaycan nümayəndə heyəti orada təkcə Azərbaycanın problemləri ilə, Azərbaycanın yerli özünüidarə orqanlarına aid məsələlərlə deyil, artıq Avropanı narahat edən bir çox problemlərlə bağlı çıxışlar edir, təkliflər irəli sürür və öz münasibətlərini bildirir.
Digər təşkilatlarda da bizim Azərbaycan nümayəndə heyəti iştirak edir. Bu gün Qara Dəniz Aqroregionu fəaliyyət göstərir ki, onun işinin təşkil olunmasında ən fəal ölkələrdən biri Azərbaycandır. Bu fəallıq bu gün də davam edir. Türk Dünyası Bələdiyyə Birliyi kimi mötəbər, təkcə türkdill dövlətləri deyil, dünyanın bir çox ölkələrində yaşayan türkdilli cəmiyyətləri özündə birləşdirən bir cəmiyyət vardır. Azərbaycan nəinki bu təşkilatda, həmçinin onun rəhbər heyətində təmsil olunur ki, bu da Azərbaycanın həmin işlərdə fəal olduğunu göstərir. Belə məsələləri sadalamaq olar. Ölkəmizin yerli özünüidarə ilə bağlı beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi üçün gələcəkdə də bütün məsələlər bir daha təhlil olunacaq, araşdırılacaq və bu imkanlardan ölkəmiz üçün zəruri olan hallarda istifadə olunacaqdır.
Korporativ sosial məsuliyyətlə bağlı digər bir sualı hörmətli Gülər xanım qeyd etdi. Millət vəkili Azay Quliyev də bu məsələyə toxundu, fikrini bildirdi. Sonradan Gülər xanım özü də çıxışında korporativ sosial məsuliyyətlə bağlı fikirlərini bildirdi. Bu çox maraqlı, vacib bir məsələdir. Bu, bələdiyyələrin inkişafında, həmin ərazilərdə yaşayan insanların rifah halının yaxşılaşdırılmasında, sosial, iqtisadi problemlərin həllində çox mühüm rol oynaya bilər. Lakin burada da qeyd etmək lazımdır ki, korporativ sosial məsuliyyət digər bir nüfuzlu, imkanlı təşkilatın bu işə könüllü qoşulmasıdır. Burada təkcə bələdiyyələrin iradəsi deyil, eyni zamanda, qarşıdakı imkanlı təşkilatların könüllü olması zərurəti meydana gəlir.
Azay Quliyev də öz çıxışında qeyd etdi ki, bizdə bu haqda qanunvericilik bazası olmalıdır. Bunun mexanizmləri işlənib hazırlanmalıdır. Mən Azay müəllimin bu fikri ilə tam razıyam. Eyni zamanda, onu da millət vəkillərinin diqqətinə çatdırmaq istərdim ki, buna baxmayaraq, hazırda bunun ilk təzahürləri özünü göstərir. Müəyyən imkanlı təşkilatlar vardır ki, bələdiyyələrdə belə proqramları, layihələri həyata keçirirlər. Güman edirəm ki, yaxın gələcəkdə də Azərbaycanda bu məsələ öz həllini tapacaqdır.
Mən bir daha bugünkü müzakirələrdə səslənən fikirlərə görə millət vəkillərinə öz təşəkkürümü çatdırmaq istərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vilayət müəllim yada saldı ki, həqiqətən, Konstitusiyaya görə bələdiyyələr Milli Məclis, Milli Məclisin Hesablayıcı komissiyası qarşısında hesabat verməlidirlər. Ancaq hesabat birtərəfli, yoxlama xarakterli olmamalıdır. Eləcə də həmin hesabatda böyük təcrübəsi olan, yaxşı işləyən bələdiyyələrin təcrübəsini qeyd etmək, digər bələdiyyələri bunlarla tanış etmək kimi məsələlər nəzərə alınmalıdır. Belə bir tapşırıq Hesablama Palatasına da veriləcək. Bələdiyyələrin işini təbliğ etmək üçün bunlara diqqət yetirmək lazımdır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının məruzəsini, təklif oldu ki, nəzərə alaq. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Qonaqlara “çox sağ olun” deyirik. Gedə bilərsiniz.
Gündəliyin növbəti məsələsinə keçirik. Növbəti məsələlər iki bəyannamə, saziş və protokolun təsdiq edilməsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında. Səməd Seyidov, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, diqqətinizə təqdim olunan bu sənəd bizim üçün çox əhəmiyyətli və vacib bir sənəddir. Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmışdır. Bu bəyannamə bizim üçün strateji xarakter daşıyan bir sənəddir. Azərbaycan–Ukrayna münasibətləri bütün sahələrdə – təhsil, iqtisadi, mədəniyyət və başqa sahələrdə inkişaf edir. Azərbaycan–Ukrayna münasibətləri ən yüksək səviyyədə təşkil edilmişdir. Ona görə də belə bir sənədin parlamentə gətirilməsi və parlamentdə təsdiq edilməsi çox məntiqlidir.
Azərbaycan–Ukrayna münasibətləri Avropa və dünya təşkilatlarında eyni istiqamətdə gedən və aparılan siyasət kimi qiymətləndirilə bilər. Bu sənəd xüsusi əhəmiyyət kəsb edən bir sənəddir. Sənəddə BMT, ATƏT, Avropa Şurası, GUAM, başqa təşkilatlarda birgə fəaliyyətimiz və fəaliyyətimizin koordinasiya olunması çox vacib bir amil kimi göstərilmişdir. Nümayəndə heyətlərimiz müxtəlif təşkilatlarda ukraynalı həmkarları ilə bir yerdə fəaliyyət göstərirlər. Bəzən biz görürük ki, Ukraynadan olan bəzi millət vəkilləri müəyyən məsələləri düzgün işıqlandırmırlar. Ona görə də belə bəyannamənin təsdiq edilməsi bizə iki prezidenti, iki xalqı yaxınlaşdırmaq istiqamətində fəaliyyət göstərməyə imkan yaradacaq. Bəyannamə həm bizim parlament, həm də Ukrayna parlamenti tərəfindən təsdiq edilərsə, deməli, beynəlxalq təşkilatlarda Ukraynanı təmsil edən nümayəndələr bu istiqamətdə siyasət aparacaqlar. Ona görə elə bir sənədin təsdiq edilməsi vacib və əhəmiyyətlidir. Mən həmkarlarımdan bu sənədin təsdiq edilməsinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan geniş və bütün istiqamətlərdə məntiqli siyasətini yeritməkdədir. Bu istiqamətdə Orta Asiya ölkələri ilə münasibətlər qurmaq bizim üçün həddindən artıq vacibdir. Heç kim üçün sirr deyil ki, Azərbaycan–Qazaxıstan münasibətləri hazırda öz inkişaf dövrünü yaşayır. Heç kim üçün sirr deyil ki, Azərbaycan–Türkmənistan münasibətləri yüksək səviyyədə qurulmuşdur. Özbəkistan Orta Asiyada ən aparıcı ölkələrdən biridir. Onun iqtisadi qüdrəti, Orta Asiyada gedən proseslərə təsiri həddindən artıq vacibdir və əhəmiyyətlidir. Azərbaycan–Özbəkistan münasibətləri illər boyu, həmişə yüksək səviyyədə təşkil olunmuşdur. Heç də təsadüfi deyil ki, bu gün belə bir bəyannamə imzalanmışdır.
2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış birgə bəyannamə iki ölkənin strateji inkişafını əks etdirən, birgə məqsədlərini bölüşən və iki xalqın yaxınlaşması, birləşməsi və siyasi cəhətdən beynəlxalq səviyyədə birgə fəaliyyət göstərməsi ilə ehtiva olunan bir sənəd kim qiymətləndirilməlidir. Təbii, belə bir sənədin qəbul olunmasına tərəfdarıq. Vaxtınızı çox almamaq üçün sizdən xahiş edirəm, bu sənədə də öz müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.11 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu sənəd indicə qəbul etdiyimiz və müsbət münasibət bildirdiyimiz sənədin içərisindən doğan bir sənəddir. Dediyim kimi, biz Özbəkistanla münasibətlərimizi bu gün yox, dünən yox, neçə illər bundan əvvəl təşkil etmişdik. Sənədin üzərində yazılıb: “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında... Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında”.
Bu o deməkdir ki, bu sənədlər Azərbaycan və Özbəkistan arasında uzun müddət mövcud idi. Sadəcə, Azərbaycanın və Özbəkistanın imzaladığı birgə bəyannamə hər iki ölkənin vətəndaşlarının vizasız gediş-gəlişini təşkil etmək zəruriyyətini ortaya qoyur, kapitalların Özbəkistana və Özbəkistandan Azərbaycana gəlişinin təşkil olunmasını zəruri edir. İki ölkə arasında münasibətlər yeni müstəviyə çıxır. Ona görə vətəndaşların vizasız gediş-gəlişlərinin təşkil olunması yalnız alqışlanmalıdır. Komitəmizdə bu məsələ müzakirə edilərək iki xalq, iki dövlət arasında belə bir sənədin qəbul olunması müsbət qiymətləndirilib. Sizdən xahiş olunur, buna öz müsbət rəyinizi verəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, protokolun təsdiqinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.13 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011–2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli həmkarım Səməd müəllim Azərbaycan–Özbəkistan arasında ictimai-siyasi həyatın bütün sahələrində əlaqələrin inkişafının hüquqi əsasları haqqında məlumat verdi. Həqiqətən, Özbəkistan ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif çoxtərəfl iqtisadi əməkdaşlıq işləri həyata keçirilir. Bu əməkdaşlığın da hüquqi əsasları müstəqilliyin ilk illərində, 1996-cı ildə qoyulmuşdur. Bundan sonra hər iki hökumət bir neçə dəfə müxtəlif sazişlər imzalamış, bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur. Müzakirənizə təqdim edilən qanun layihəsində iqtisadi əməkdaşlığın istiqamətləri, həyata keçirilməsi mexanizmləri açıq-aşkar göstərilmişdir. Sazişin Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyini nəzərə alaraq İqtisadi siyasət komitəsi millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edir.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədədir. Arif Rəhimzadə, buyurun.
A.Rəhimzadə. Çox sağ olun, cənab Sədr. Xeyli vaxt idi ki, Ağsu rayonunun Binəcik yaşayış məntəqəsinin adı inzibati ərazi sənədlərindən çıxarılmışdı. 2010-cu ilin sentyabr ayında bu məsələ öz həllini tapdı və Binəcik kəndi ölkənin inzibati sənədlərinə daxil edildi. Təqdim olunan layihədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına Binəcik kəndinin adı da daxil edilsin. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 18.5.1-ci maddəsinə texniki xarakterli bir əlavə təklif edilir. Əvvəllər iddia sənədinin alınması Patent Kooperasiyası haqqında müqaviləyə əsaslandırılırdı, indi isə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə aktına” sözlərini də əlavə etmək məqsədəuyğun sayılır. Millət vəkillərindən bu əlavəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikasının Milli Məclisi “Auditor xidməti haqqında” Qanun qəbul etmişdir. Bu qanunun qəbulundan sonra respublikada audit xidmətinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. İndi də qanuna əlavə edilir. Hələ də məcburi auditdən keçməli olan təşkilatların səviyyəsi çox aşağıdır. Mən sizə məlumat vermişdim ki, ayrı-ayrı təsərrüfat subyektlərinin auditdən keçmə səviyyəsi, həqiqətən, aşağıdır. Bu imkan vermir ki, respublikada şəffaflıq ilə əlaqədar tədbirlərdə audit şirkətləri daha fəal iştirak etsinlər. 2-ci maddəyə aşağıdakı müddəanın əlavə edilməsi təklif olunur: “Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür”.
Bu müddəa İqtisadi siyasət komitəsində müzakirə edilmişdir. Müzakirə prosesində, eyni zamanda, məcburi auditdən keçməli olan ayrı-ayrı təsərrüfat subyektləri məsələsi də diqqətlə araşdırılmışdır. Millət vəkillərindən məsələyə münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, Sizin əlavəniz yoxdur? Məsələ Sizin də komitədə müzakirə edilib.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid Əhmədov, sualınız varsa, buyurun.
V.Əhmədov. Ziyad müəllim bir məsələni qeyd etmədi, Oqtay müəllim. Bu məsələ iki komitənin iclasında müzakirə olunanda çox ciddi bir məsələyə münasibət bildirdik. QHT-lərin məcburi audit keçməklə yoxlanılması ilə əlaqədar məsələ qaldırdıq. Söz verdilər ki, məsələyə qayıdacaqlar, amma məlumat verilmədi. Biz hesab edirik ki, ümumiyyətlə, QHT-lərin məcburi şəkildə audit keçməsi düzgün deyil, çünki bəzi QHT-lərin faktik olaraq dövriyyəsi də, vəsaiti də yoxdur. Bu çox ciddi proseslərə gətirib çıxara bilər. Ona görə biz xahiş etdik ki, hələlik QHT-ləri məcburi auditdən çıxarsınlar. Mən bu suala cavab almaq istəyirəm.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Özüm də istəmədən qeyri-hökumət təşkilatlarının adını hallandırmaq məcburiyyətində qalıram. Bəlkə də bəziləri üçün bu qəribə səslənir. Amma məsələ burasındadır ki, bu gün haqqında danışdığımız əlavə və dəyişiklik bilavasitə qeyri-hökumət təşkilatlarının da marağına səbəb olur, daha doğrusu, marağına toxunur. Əgər bu gün biz digər qanunvericilik aktlarına müvafiq dəyişiklik etməsək, onda belə çıxır ki, məhz bu əlavə və dəyişiklikdən sonra qeyri-hökumət təşkilatları məcburi qaydada auditə cəlb edilmədiyi təqdirdə 2500 manata qədər cərimə ödəməli olacaqlar.
Mən məlumat üçün deyim ki, onsuz da Azərbaycanda qeyri-hökumət təşkilatları bir neçə dövlət qurumuna, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə hesabat verir. Keçən il qəbul etdiyimiz qanuna əsasən Maliyyə Nazirliyinə ildə bir dəfə, aprelin 1-nə qədər hesabat verməlidir. Ümumiyyətlə, qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini şəffaf və aşkar şəkildə qurmalıdır. Biz həmin vaxt qeyri-hökumət təşkilatlarının həmin təklifə etirazını ona görə dəstəkləmədik və hesab etdik ki, qeyri-hökumət təşkilatları bu sanksiyaya cəlb olunmamaq üçün zəhmət çəksinlər, hesabatlarını versinlər və şəffaf fəaliyyət göstərsinlər. Amma indiki dəyişiklikdə biz bu sözü deyə bilmirik. Biz deyə bilmirik ki, qeyri-hökumət təşkilatları zəhmət çəksinlər, audit cəlb etsinlər və bu minvalla 2500 manat potensial sanksiyadan canlarını qurtarsınlar. Niyə deyə bilmirik? Ona görə ki, qeyri-hökumət təşkilatlarının hazırda belə bir mənbəyi, resursu yoxdur. Nə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası belə bir vəsaiti ayırır, nə də digər donorlar. Əlbəttə, qeyri-hökumət təşkilatları könüllü şəkildə bu auditi cəlb edə və bunda maraqlı ola bilərlər. Fondlar da bunda maraqlı olmalıdırlar. Amma bunu məcburi qaydada tətbiq etsək, bu gün aparılan dövlət siyasətinə xidmət etmiş olmarıq.
Digər tərəfdən, mən istərdim, bu gün məsələyə aydınlıq gətirək. Bu gün yalnız və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 5 saylı qərarında bir siyahı tərtib olunub. Bu siyahıda 12 təsərrüfat subyektinin, o cümlədən fondlar və qeyri-hökumət təşkilatlarının adı var. Həmin siyahıya əsasən qeyri-hökumət təşkilatları 2010-cu il yanvarın 1-dək məcburi şəkildə auditə cəlb olunmalıdırlar. Bu müddət göstərilib.
Artıq Nazirlər Kabinetinin belə bir siyahısı mövcud olduğu təqdirdə, mənə belə gəlir ki, biz bu məsələyə daha ciddi yanaşmalıyıq. Biz qanunvericiliyi araşdırdıq, hər hansı bir qanunda şəxsən mən qeyri-hökumət təşkilatlarının məcburi qaydada auditə cəlb olunması məsələsinə rast gəlmədim. Qeyri-hökumət təşkilatları, burada qeyd etdikləri kimi, maliyyə hesabatlarını dərc etməlidirlər. Nazirlər Kabinetinin belə bir qərarı olduğu halda və üstəgəl Auditorlar Palatasının bu yaxınlarda Şuraya təqdim etdiyi məktubda da göstərildiyi kimi, artıq orada müddəalar müəyyənləşdirilibdir. Hər bir QHT audit xidməti üçün hansı vəsaitdən nə qədər pul verməlidir? Bunlar həmin məktubda göstərilir. Belə alınır ki, artıq həm Nazirlər Kabineti, həm də Auditorlar Palatası qeyri-hökumət təşkilatlarını məcburi qaydada auditə cəlb etməyi düşünürlər və əks təqdirdə bunlar cərimə ödəməlidirlər.
Mən çıxış yolunu nədə görürəm? Birinci, qanundakı bu dəyişiklik, dediyim kimi, 12 təsərrüfat subyektinə aid edilir. Bunu bu gün biz qəbul etməməklə digər təsərrüfat subyektlərini məsuliyyətdən kənarda qoymuş olarıq. Ona görə mən təklif edirəm ki, bu qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər olduğu kimi qəbul edilsin. Yenə deyirəm, burada yalnız ikisi – fondlar və qeyri-hökumət təşkilatları zərər çəkə bilərlər. Ancaq dünən Auditorlar Palatası nümayəndəsinin bizə verdiyi sözə əsasən bir daha deyirəm ki, Nazirlər Kabinetinə müraciət edilsin. Nazirlər Kabinetindən xahiş edilsin ki, qeyri-hökumət təşkilatları məcburi auditə cəlb olunan təşkilatların siyahısından çıxarılsın. Mən belə təklif edirəm.
Hörmətli Oqtay müəllim, hesab edirəm ki, bu təklifə Milli Məclis də münasibət bildirməlidir. Çünki bu məsələ artıq ictimaiyyət tərəfindən neçə gündür müzakirə olunur. Qeyd etdiyim kimi, qeyri-hökumət təşkilatları buna hazır olmadıqları üçün bizim bunu bu gün qəbul etməyimiz məqsədəmüvafiq olmaz. Gələcəkdə biz baxarıq, ola bilsin, dövlət büdcəsindən bu audit üçün xüsusi fondlar ayrılsın. Ola bilsin, digər vasitələr, mənbə müəyyənləşdirilər. Onda, əlbəttə, biz bu məsələyə bir daha qayıda və qeyri-hökumət təşkilatlarının siyahıya əlavə edilməsi məsələsinə yenidən baxa bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Komitələrin birgə iclasında bu məsələ müzakirə edilərkən Azay müəllim fikirlərini kifayət qədər əsaslandırdı. Indi də Azay müəllimin çıxışında əsaslandırma var. Əlbəttə, audit lazımdır və bu qanuna edilən dəyişiklikdə göstərilir ki, məcburi auditdən keçməyən fiziki şəxs 300-dən 600 manata qədər, hüquqi şəxs isə 1500-dən 2500 manata qədər cərimə olunmalıdır. Amma təbii ki, mənfəəti, gəliri olan təşkilat audit cəlb edib, ona orta hesabla 1000–1500 manat pul verə bilər. Məntiqi bir sual ortaya çıxır: nizamnaməsində qeyri-kommersiya təşkilatı olduğu yazılan və mənfəət əldə etmək məqsədi olmayan, hər hansı bir layihəni həyata keçirən və həmin layihədə audit üçün vəsait ayrılması nəzərdə tutulmayan bir təşkilat bunu necə ödəyəcək? Bax, bu, iqtisadi qanunauyğunluq nöqteyi-nəzərindən həddindən artıq qeyri-müəyyənlik yaradır. Deməli, qeyri-hökumət təşkilatları məcbur olub hansı isə üsulla bunu əldə etməlidir, onda da əlavə problemlər yaranır.
İkinci məsələ ondan ibarətdir ki, qeyri-hökumət təşkilatları qanunvericilikdəki son dəyişikliklərə görə ildə dörd dəfə Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna, ildə bir dəfə isə Maliyyə Nazirliyinə hesabat verir. Əgər qeyri-hökumət təşkilatları əlavə bir hesabat da verməlidirsə, bunu dövlətin təhlükəsizliyi nöqteyi-nəzərdən etməlidirsə, onda dövlət sifarişi funksiyası yerinə yetirilməli, vəsait ayrılmalıdır ki, audit keçirilsin. Yox, əgər bu başqa formadadırsa, onda gəliri, mənfəəti olmayan təşkilat üçün audit ictimai əsaslarla keçirilməlidir. Auditorlar Palatası bunu pulsuz etməlidir. Yaxud da Auditorlar Palatası məsələ qaldırmalıdır ki, mənfəəti olmayan bütün təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları məcburi auditə cəlb edilənlərin siyahısından çıxarılsın. Həmin təklif Nazirlər Kabinetində qəbul edilməli və qeyri-hökumət təşkilatları bu siyahıdan çıxarılmalıdır.
Mənim üçüncü təklifim, yəni Nazirlər Kabinetinin məcburi auditə cəlb edilənlərin siyahısından qeyri-hökumət təşkilatlarının çıxarılması Azərbaycan üçün əlavə bir problem yaradılmasının qarşısını alar. Hesab edirəm ki, elə bu istiqamətdə də hökumət addımlar atacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Hörmətli həmkarım Azay müəllim bu məsələ ilə əlaqədar fikirlərini çox ətraflı dedi. Ancaq hörmətli həmkarım Azay müəllimə onu da demək istərdim ki, həmin siyahıya çox da arxayın olmasın. Qanun Nazirlər Kabinetinin qərarından yuxarı orqandır. Qanun qəbul olunandan sonra Nazirlər Kabineti siyahıdan heç kimi çıxarmayacaq. Mənim təklifim ondan ibarətdir ki, hörmətli Ziyad müəllim, Əli müəllim bu məsələni qanun layihəsini göndərən təşkilatla razılaşdırsınlar, elə birbaşa qanunun özündə yazılsın ki, “qeyri-hökumət təşkilatları istisna olmaqla”. Qurtardı, getdi.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bir neçə gündür mətbuatda bu məsələ müzakirə olunur. Oqtay müəllim, hətta bir neçə beynəlxalq təşkilatın nümayədələri bizə də, komitəyə də qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb olunması ilə bağlı müraciət etmişlər. Onlar parlamentin iclasında iştirak etmək fikrində idilər. Biz müəyyən izahat verdik. Artıq bizə aydın olur ki, niyə bu müzakirələr gedir və nə üçün beynəlxalq təşkilatlar da bununla maraqlanırlar?
Biz istifadə etdiyimiz ifadələrdə bir qədər ehtiyatlı olmalıyıq. Misal üçün, fikirlər səsləndi ki, bu layihədən qeyri-hökumət təşkilatlarının məcburi audit məsələsini çıxaraq. Məgər bu layihədə qeyri-hökumət təşkilatlarından söhbət gedir? Biz “Qeyri-hökumət təşkilatları haqqında” Qanunu müzakirə edirik? Ümumiyyətlə, bu layihə ilə qeyri-hökumət təşkilatlarının birbaşa əlaqəsi yoxdur.
Hörmətli Azay müəllim müəyyən bir izahat verdi. Söhbət Nazirlər Kabinetinin bu qanunun tətbiqi ilə bağlı qərarından gedir. Sizə elə gəlməsin ki, Nazirlər Kabinetinin məqsədi qeyri-hökumət təşkilatlarını hər hansı formada məcburi auditə cəlb etmək olub. Azərbaycanda dövlətin, hakimiyyətin mövqeyi məlumdur. Biz ona dəstək veririk. Nazirlər Kabinetinin bu qərarı, əslində, dövlət tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatına şamil olunması üçün nəzərdə tutulur. Çünki belə layihələr, qrantlar var. Mənə elə gəlir ki, biz bu məsələni şişirtməməliyik. Məsələnin belə şişirdilməsi sonra beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında öz əksini tapır. Onlar bu məsələni, elə bilirsiniz, axıra qədər araşdıracaqlar ki, hüquqi baxımdan nə cürdür? Çoxları elə belə bir məlumata bənddirlər.
Məsələ ilə Azay müəllim özü ciddi məşğul olub. Məsələ, sadəcə, bir daha Nazirlər Kabinetinin diqqətinə çatdırılmalıdır. Əlbəttə, 12-ci bənddə məcburi auditin obyekti olan təsərrüfat subyektləri sadalananda, orada qeyri-hökumət təşkilatları, dövlət büdcəsindən maliyyələşdirilən və yaxud hər hansı xidmətlərlə bağlı təşkilatlara aid hissə olmalıdır. O ki qaldı bütövlükdə bu məsələyə yanaşmaya, Avropa Şurası Nazirlər Kabinetinin də belə bir tövsiyəsinə görə dövlət dəstəyi alan qeyri-hökumət təşkilatının məcburi auditdən keçməsi məsələsi qoyula bilər. Biz bilməliyik ki, dövlət dəstəyi alan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının məcburi auditi məsələsi beynəlxalq praktikaya zidd deyildir.
Mənə elə gəlir ki, biz müzakirələri bu mərhələdə dayandıra bilərik. Azay müəllim bu məsələ ilə ciddi məşğul olur. O, Nazirlər Kabineti ilə 12-ci bəndin dəqiqləşdirilməsi ilə bağlı bir fəaliyyət həyata keçirə bilər. Onu da qeyd edim ki, 12-ci bənd 3 ildir qüvvədədir. Təəssüf edirəm ki, bu məsələnin müzakirəsi ilə bağlı şişirdilmiş bəyanatlar verilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bu məsələ ilə bağlı yenə çıxış etmək istəyənlər var? Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Burada qeyri-dövlət təşkilatları haqqında danışıldı. Mən bələdiyyələr haqqında danışmaq istəyirəm. Bu gün biz iclasımızın böyük bir hissəsini bələdiyyələrin fəaliyyətinə həsr etdik. Məlum oldu ki, bələdiyyələrin maliyyə təminatı hələ də lazımi səviyyədə deyil. Bələdiyyələri də icbari auditə cəlb etmək, hesab edirəm ki, çox çətin məsələ olardı. Düzdür, bələdiyyələr indi digər təşkilatlarla müqayisədə auditdən ən çox istifadə edən orqanlardır. Özlərini bir növ sığortalamaq üçün daha çox audit keçirirlər. Ancaq bütün bələdiyyələri icbari sığortaya cəlb etmək, hesab edirəm ki, çox çətin olardı. Dövlət dotasiyası var, düzdür, ancaq bu çox cüzi bir rəqəmdir. Bu rəqəm bələdiyyələrin xırda işlərinə yaramır. Belə olan halda onların üzərinə bu cür böyük bir yük də qoymaq çətin məsələ olardı. Sağ olun.
Sədrlik edən. Arif müəllim, audit yoxlamasının faizi layihənin içərisində çox cüzidir. Çoxlarına az gələ bilər, hətta 0,5 faizdən 1 faizə qədər olub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, əl çəkməkdən söhbət getmir. Biz qanundan danışırıq, qanunsuzluqdan yox. Fuad Muradov, sualınız var idi? Buyurun.
F.Muradov. Bu məsələ çox müzakirə olunub, Oqtay müəllim. Həqiqətən, Əli müəllim də, Azay Quliyev də dedi. Mənim, sadəcə, bununla bağlı sualım var. Bəlkə bu sualı aydınlaşdırsaq, məsələ həll oluna bilər. Dövlət büdcəsindən maliyyələşdirilən Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı var. Aqrar və digər sahələrdə kommersiya ilə məşğul olan bəzi qeyri-hökumət təşkilatları var. Mənə elə gəlir ki, biz məsələni məhz bu şəkildə qoymalıyıq ki, qrant alıb, qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlar bilinsin. Qanunda həmin təşkilatlar göstərilirlər. Deyək ki, maaş, digər xərclər üçün dövlətdən birbaşa vəsait alırlarsa, həmin təşkilatlarda audit aparılmalıdır.
Qeyri-hökumət təşkilatları ilə bağlı burada fikirlər deyildi. Yəqin ki, biz bunu birgə işləyə bilərik. Mənim sualım bununla bağlıdır. Bəlkə bu təşkilatlara şamil edilsin, digər qeyri-hökumət təşkilatlarına, yəni kommersiya ilə məşğul olmayan təşkilatlara şamil edilməsin? Bizim qanunda iki növ qeyri-hökumət təşkilatı göstərilib. Biri ictimai birlikdir və ikincisi də fondlardır. Amma bunlardan əlavə dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları da var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr! Mən Azay müəllimin narahatlığını bölüşürəm. Hesab edirəm ki, hörmətli millət vəkili Eldar İbrahimovun təklifi vəziyyətdən çıxış yoludur. Mən, Oqtay müəllim, təklif edərdim ki, məcburi audit xaricdən maliyyələşdirilən, qrant alan təşkilatlara aid edilsin. Büdcədən ayrılan vəsaiti Azay müəllimgil bölüşdürürlər və onlar da həmin vəsaitin qəpiyinə qədər xərclənməsinə nəzarət edirlər. Əslində, burada auditə heç ehtiyac da yoxdur. Ona görə ki, nəzarət funksiyası çox ciddi həyata keçirilir. Bu yaxınlarda da biz şahid olduq ki, qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edildi və sair.
Xaricdən çox böyük məbləğdə qrant alan qurumlar var. Məsələn, elə bu günlərdə mətbuatda oxuduq ki, Azərbaycanda demokratiyanın dəstəyinə Amerika Birləşmiş Ştatları 27 milyon dollar vəsait ayırıb. Doğrudan da, bu vəsait necə xərclənəcək? Bu qədər vəsaiti alan qeyri-hökumət təşkilatları həmin vəsaiti təyinatı üzrə istifadə edəcəklərmi? Bu xa-rici dövlətlərin öz maraqları var, xaricdən gələn vəsait yoxlanılmalıdır. Büdcəmizdən cəmi 2, 5 –3 milyon vəsait ayrılır. Həmin vəsaitə də, dediyim kimi, çox ciddi nəzarət var. Cəmiyyətimizi də, dövləti də, siyasi partiyaları da, ictimaiyyəti də xaricdən gələn vəsait narahat etməlidir. Biz bilirik ki, bir çox hallarda xaricdən gələn vəsaitlər heç də xoş, sağlam niyyətlə ayrılmır. Bu məsələni bəlkə bir az yubadaq? Bu məsələlər dəqiqləşdirilsin, orada qeyd olunsun ki, xaricdən qrant alan təşkilatlar auditdən keçməlidirlər. Sağ olun.
Sədrlik edən. Görürəm, çox suallar yaranır. Çıxışa Qənirə xanım, Fəzail Ağamalı yazılırlar. Mənim də təklifim var. Mənə elə gəldi ki, Əli müəllim çox gözəl izah etdi. Eldar müəllim də söylədi ki, qanunun qüvvəsi geriyə şamil olunmur. Ancaq həqiqətən, burada qeyri-hökumət təşkilatları haqqında söhbət getmir. Əgər Azərbaycan Respublikasının Nazirlər Kabinetində hər hansı qərar qəbul edilirsə, həmin qərarda dəyişiklik etmək olar. Elədirmi? Bu yaxınlarda Nazirlər Kabinetinin hesabatını dinlədik. Bu siyahı da 3 ildir qüvvədədir. Bu məsələni biz həll edə bilərik. Ancaq mən hesab edirəm ki, bu vacib qanun layihəsidir, bunu deyilən məsələlərlə bir yerdə qəbul etmək lazımdır. Mən istərdim ki, Səfa müəllim də bir hüquqşünas kimi öz fikrini söyləsin və sonra keçək səsverməyə. Buyurun, Səfa müəllim.
S.Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür edirəm, cənab Sədr. Siz tamamilə düzgün buyurdunuz ki, layihə ilə əlaqədar yaranmış diskussiya, əslində, bu qanun layihəsinin predmeti deyil. Qanun layihəsində söhbət təsərrüfat subyektlərindən gedir. Fikrimcə, heç kimin şübhəsi yoxdur ki, təsərrüfat subyektləri məcburi auditdən keçməlidirlər, ələlxüsus da bu qanunla nəzərdə tutulmuş hallarda.
O ki qaldı qeyri-hökumət təşkilatlarında auditin keçirilməsi məsələsinə, əslində, qeyri-hökumət təşkilatları da fəaliyyəti həyata keçirərkən maliyyə işlərinin düzgün qurulmasında və auditin cəlb edilməsində maraqlı olmalıdırlar. Ancaq burada heç bir məcburilik, sözsüz, ola bilməz. Bu baxımdan, tamamilə düzgün şərh verildi ki, Nazirlər Kabinetinin mövcud qərarında hansı qeyri-hökumət təşkilatlarından söhbət getdiyi izah edilməlidir. Təsərrüfat fəaliyyəti ilə məşğul olan qurumlar, yoxsa digərləri nəzərdə tutulur?
Ümumilikdə yaxşı olardı ki, qeyri-hökumət təşkilatları auditi könüllü həyata keçirsinlər, yəni burada məcburilik olmasın. Biz bu istiqamətdə iş aparırıq. Müvafiq dövlət orqanları ilə söhbətlər aparılıb. Mən belə fikirləşirəm ki, Nazirlər Kabinetinin müvafiq qərarında lazımi dəyişikliklər ediləcəkdir. Bu baxımdan, cənab Sədr, fikirləşirəm ki, Sizin təklifiniz tamamilə düzdür. Bu qanun layihəsi qəbul edilməlidir, digər təşkilati məsələlər isə sonra həll olunacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Mən sizin təklifinizi dəstəkləyirəm, əlbəttə, burada söhbət ola bilməz. Burada fikir söylənildi ki, bu gün Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları xaricdən külli miqdarda qrant alırlar və həmin qrantın həcmi də bizə bəlli deyil, vergini də vermirlər. Eyni zamanda, qrant almaqla bərabər, həm də Azərbaycan dövlətçiliyinə qarşı total mübarizə aparırlar. Bilmirəm, bu qanun layihəsinin predmetidir, ya yox? Mən demirəm, bu qanun layihəsinin predmeti ola bilər, hər halda biz gələcəkdə elə etməliyik ki, bu cür qeyri-hökumət təşkilatlarında audit təşkil olunsun. Yəni Azərbaycanda fəaliyyət göstərirsə, qeydiyyata alınıbsa, Azərbaycanın həqiqətlərini deyil, Azərbaycanı istəməyən qüvvələrə qarayaxmalar və dosyelər ötürüb Azərbaycanın adının beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarına salmaq məqsədi ilə qrantlar alırsa, bunların əl-ayağı yığışdırılmalıdır. Söhbət bundan gedir, mənim narahatlığım bundan ibarətdir. Bu qanunda “təsərrüfat” sözü “istehsal” sözü ilə əvəz edilsə, mənə elə gəlir ki, daha dəqiq olar. Çox sağ olun.
Sədrlik edən. Fəzail müəllim, Siz sual verdiniz, çıxış etdiniz? Mən çıxışları diqqətlə dinlədim və fikrimi də söylədim. Bu, başqa qanunun predmetidir, bugünkü qanun layihəsinə aidiyyəti yoxdur. Ona görə, xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.44 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu gün sizin diqqətinizə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər və əlavələr əsas etibarilə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır. Amma birinci hissə, yəni 35-ci maddəyə edilən əlavə və dəyişikliklər bütövlükdə inzibati xətalara baxılma qaydasını müəyyən edir. Mən əminəm ki, siz bu layihə ilə tanış olmusunuz və hər bir müddəanın üzərində geniş dayanmayacağam. Amma qeyd etmək istəyirəm ki, 35.3-cü maddə üzvi surətdə 151-ci maddə ilə, yəni yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır. 35.3-cü maddəyə təklif olunan əlavənin mahiyyəti ondan ibarətdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir sıra hallarda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara baxılma qaydasında bir sıra pozuntular da müşahidə edilir. Təklif olunan 35.3-cü maddə bu halların qarşısını almağa da xidmət edir. Amma eyni zamanda, bu, bütün inzibati xətalar üçün də müəyyənləşdirilmiş bir qaydadır. Yəni bu xətalara bir səlahiyyətli orqan tərəfindən eyni vaxtda baxılması, süründürülməməsi və sair nəzərdə tutulur.
151-ci maddənin 4-cü bəndində xüsusi bir məsələnin üzərində dayanmaq istəyirəm. “Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir”. Bu, ümumiyyətlə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara şamil edilir.
Digər əlavələr və dəyişikliklər 407-ci maddə ilə bağlıdır. Söhbət qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan dayanacağına, duracağına aparılması və orada saxlanılmasından gedir. Bilirsiniz ki, praktikada problemlər var. Hətta belə hallar da müşahidə olunur ki, sürücü özü nəqliyyat vasitəsinin yanında olduğu halda belə, nəqliyyat vasitəsi xüsusi dayanacağa aparılır. Məntiqi baxımdan sürücünün imkanı var ki, hətta qaydanı pozubsa, nəqliyyat vasitəsini oradan özü götürsün. Buna görə təklif olunan variantda xüsusi qeyd edilir ki, əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə, yəni bu xüsusi bir haldır, onda müvafiq səlahiyyətli orqan, yəni yol polisi onu xüsusi bir dayanacağa apara bilər. Eyni zamanda, bilirsiniz ki, bəzən praktikada belə hallar da mövcuddur. Nəqliyyat vasitəsinin saxlandığı yerə, yəni xüsusi dayanacağa nəqliyyat vasitəsinin sahibi öz avtomobilini götürməkdən ötrü yollanır. Yeni təklif olunan variant mövcud problemin tənzimlənməsindən ötrü, hesab edirik ki, daha münasib bir yol təklif edir. Sürücü cəriməni yerində ödəyə bilər və bundan sonra nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılmalıdır.
Nəhayət, maraq doğuran məsələlərdən biri də 456-cı maddə ilə bağlıdır. Bildiyimiz kimi, hazırda nəqliyyat vasitəsini idarə etmək hüquqlarının məhdudlaşdırılması bir çox hallarda sürücünün sürücülük vəsiqəsini əldə etmək məqsədilə yenidən imtahan verməsinə gətirib çıxarır. Cənab Prezident tərəfindən təqdim olunan layihə mövcud vəziyyəti və bu vəziyyətdən irəli gələn problemlərin səmərəli həllinə yönəlmişdir.
Təklif olunur ki, 456.3-cü maddə əlavə edilsin. Burada iki hal nəzərdə tutulur: “nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün” artıq o, sürücülük vəsiqəsini geri ala bilir. Bir ildən aşağı olan müddətdə isə, ümumiyyətlə, belə bir təcrübi imtahanı verməyə ehtiyac qalmır. Bir daha vurğulayıram ki, hazırda bu müddətlər çox qısadır. Bu münasibətlərin inkişafı gələcəkdə ona gətirib çıxarar ki, ümumiyyətlə, sürücülük vəsiqəsinin alınmasına görə təcrübi imtahanların verilməsinə son qoyular. Amma mövcud variantla təklif edilən variantı müqayisə edəndə biz bunun daha səmərəli həlli yolunu görürük.
Bütövlükdə hesab edirik ki, təklif olunmuş əlavələr və dəyişikliklər yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların daha səmərəli şəkildə aradan qaldırılmasına və vətəndaşların daha çox maraqlarına xidmət edəcək, bu sahədə yol verilən pozuntuların, sui-istifadələrin qarşısının alınmasına yönələcəkdir. Millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış eləmək istəyənlər var. Elmira xanım Axundova, buyurun.
E.Axundova. Hörmətli millət vəkilləri, hörmətli sədarət! İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik və əlavələrdə bir çox mühüm müddəalar öz əksini tapmışdır. Edilən dəyişiklik və əlavələr bu məcəllədə olan bir sıra boşluqları aradan qaldırmağa xidmət edəcəkdir.
İlk olaraq 35.2-ci maddə ilə bağlı qeyd etmək istəyirəm. Bir şəxsin törətdiyi xətalar 35.2 və 35.3-cü maddələrlə eyni vaxt törədilən və müxtəlif vaxtlarda törədilən inzibati xətalara ayrılır və onların tətbiq olunması qaydaları müəyyənləşdirilir.
407.1-ci maddəyə təklif edilən dəyişiklik, o cümlədən 456-cı maddəyə edilən əlavələr çox müsbət qiymətləndirilməlidir. Bu barədə Əli müəllim dedi. Hamımızın da şahid olduğumuz kimi, bir çox sürücülər dayanma və durma qaydalarını tez-tez pozurlar. Polis əməkdaşları da nəqliyyat vasitəsi sahiblərinin gözü önündəcə nəqliyyat vasitələrini yedəyə almaqla müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına aparırlar. Hesab edirəm ki, sürücü nəqliyyat vasitəsinin yanındadırsa, dayanma və durma qaydalarının pozulmasına görə digər qayda pozuntuları kimi yerindəcə cərimə oluna bilər. Bu baxımdan da təklif edilən dəyişiklik çox müsbətdir.
Məni həmişə bir məsələ düşündürür. Mən bu barədə xüsusi danışmaq istərdim. Biz bunu qərbdə də görmüşük, qərb filmlərində də müşahidə edə bilirik. Dövlət yol polisi əməkdaşı sürücüyə cərimə qəbzi verir və sürücü həmin cəriməni polisə yox, dövlət banklarına ödəyir. Bu cərimələr də büdcəyə yığılan pulların xeyli hissəsini təşkil etməkdədir. Bizdə isə cərimələr banklarda yox, dövlət yol polisi idarələrində, əlavə edilən 407.1-1-ci maddədə deyildiyi kimi, nəqliyyat vasitəsinin gətirildiyi yerdə, yəni duracaqda ödənilməlidir. Sual olunur: nəyə görə? Məgər cəriməni birbaşa banklarda ödəmək daha məqsədəuyğun deyildir? Həm sürücü əmin olacaq ki, pullar kiminsə cibinə yox, dövlətə çatdı, həm də bu sahədə rüşvətxorluq halları xeyli azalacaqdır. Ona görə də təklif edərdim ki, bu çox mühüm məsələyə, yol qaydalarının pozulmasına görə cərimələrin yığılma qaydalarına təzədən baxaq. Məsələn, Gürcüstanda tətbiq edildiyi kimi, sürücü ilə yol inspektoru arasında pul münasibətləri, ümumiyyətlə, ləğv olunsun. Cərimələr ancaq və ancaq banklar vasitəsilə dövlətə ödənilməlidir.
Vaxtilə pensiya, təqaüd sistemində necə çatışmazlıqlar var idi. Kart sisteminə keçildi, birbaşa dövlətdən pullar alındı və insan amili aradan götürüldü və şikayətlər də kəsildi. Mən sürücülərlə bu barədə dəfələrlə söhbət etmişəm, yəqin, sizlər də hamınız bu barədə danışırsınız. Onlar da bizə deyirlər ki, biz hər hansı yüksək cəriməni də ödəməyə hazırıq, təki bu pulların dövlətə çatdığına və büdcəmizə xeyir gətirdiyinə əmin olaq. Bu əlavəni etməklə biz respublikada aparılan mübarizəyə də töhvələr verə bilərik. Xahiş edirəm, mənim təklifimi müzakirə edəsiniz. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Elmira xanım, sağ olun, təşəkkür edirəm. Amma dediyiniz məsələ bir daha qalxmasın deyə, – ola bilsin, digər yoldaşlar da bu məsələni qaldırsınlar, – mən nəzərinizə çatdırmaq istəyirəm ki, burada yazılır: “həmin yerdə ödəyə bilər”. Yəni “ödənilməlidir” yox, “ödəyə bilər”. Bu, əslində, sürücünün mənafeyi üçündür. Ola bilsin ki, həmin avtomobili cərimə meydançasına şənbə və ya bazar günü gətiriblər. Şənbə, bazar günləri banklar işləmir. Sürücünün mənafeyinə uyğun olaraq sürücü həmin yerdə qəbzi almaqla cəriməni ödəyə bilər. Qalan hallarda cərimə elə banklar vasitəsilə ödənilir. Yəni bu məcburi deyil. Sadəcə, yenə deyirəm, əslində, qanunvericilikdə sürücünün vəziyyətini yüngülləşdirmək üçün nəzərdə tutulub.
Sədrlik edən. Leyla Abdullayeva.
L.Abdullayeva. Mən qısaca olaraq bu məcəllənin 150-2.1.6-cı maddəsinə dair təklifimi vermək istərdim. Bu, hər birimizi narahat edən məsələdir. Maddədə şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə görə cərimə tətbiq edilməsi nəzərdə tutulur. Bu, doğrudan da, təqdirəlayiq müddəadır. İctimai nəqliyyatda həddən artıq yüksək səslə, insanların əsəblərinə təsir edən, heç bir zövq meyarlarına cavab verməyən musiqi sədalarına mütəmadi olaraq rast gəlinir. Təklif edərdim ki, bu maddəyə həmçinin “videocihazlar” sözü də əlavə olunsun. Belə ki, son zamanlar nəqliyyat vasitələrində bu tip cihazlar da quraşdırmağa başlamışlar. Burada məqsəd, yəqin ki, videogörüntülərlə daha çox müştəri cəlb etməkdir. Bu baxımdan gələcəkdə həmin maddəyə yenidən əlavələr etməmək üçün indidən müvafiq maddənin şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio və videocihazlardan istifadə edilməsinə görə cərimə tətbiq edilməsi məsələsinin əksini tapması, fikrimcə, daha məqsədəuyğun olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, mən 35-ci maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Burada qeyd olunur: “Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir”. Həmin maddənin üçüncü bəndinə, xahiş edirəm, diqqət yetirin, orada da deyilir: “Bu Məcəllənin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir”.
Vaxtilə, Ziyafət müəllim, mən bu məsələ ilə bağlı hətta bizim Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında təkliflər vermişdim. Çox təəssüf ki, həmin təklifim müzakirəyə çıxarılmadı. Mən hesab edirəm ki, bu, sovet dövründən qalma norma idi. Cinayət Məcəlləsində cinayətlərin cəmlənməsi qaydasında cəza təyin olunması var idi. Burada da tənbeh tədbirlərinin eyni qaydada toplanmasından söhbət gedir. Mən millət vəkilləri üçün aydın olsun deyə adi bir misal çəkmək istəyirəm. Təsəvvür edək ki, mütəşəkkil cinayətkar dəstə ayrı-ayrı vaxtlarda 40 cinayət törədir və dəstənin üzvləri tutulmur. Şəxslərin həyatı üçün təhlükəli üsulla, qanunsuz yolla əmlak ələ keçirməklə, quldurluqla məşğuldurlar. Qırx birinci cinayəti törətdikdə tutulurlar. Tutulanda isə biz onlara maksimum cəza, həmin cinayətlərin içərisində ən ağır cəzaya layiq cinayətə görə cəzanın yuxarı həddini tətbiq edə bilərik. Eyni cinayəti mütəşəkkil cinayətkar dəstə deyil, bir nəfər tək törədirsə, quldurluqla məşğuldursa, təsəvvür edirsinizmi, qanunvericilik, faktik surətdə, onlara eyni cəza təyin olunmasını nəzərdə tutur. Düzdür, məhkəmə cəza təyin edəndə 1–2 il yuxarı-aşağı nəzərə ala bilər.
Bir şəxs yol hərəkəti qaydasını pozursa, ona balla cəza təyin olunmalıdır. Ona iki və ya üç balla cəza verilir. Başqa birisi on xəta törədir, amma əvvəllər ona cəza təyin olunmayıb, tənbeh tədbiri tətbiq olunmayıb. Biz bal tətbiq edərkən xətalar içərisində ən çox balın təyin oluna biləcəyi xətaya görə bal təyin edirik. Ədalət və vətəndaşın qanun qarşısında bərabərlik prinsipi harada qaldı?
Biz, Fazil Qəzənfəroğlu, mən, İlyas müəllim, Milli Məclisin Aparatından da nümayəndələr Amerika Birləşmiş Ştatlarında olmuşduq. Artıq çoxdan vaxtı gəlib çatıb. Əgər şəxs qanunu pozursa, istər inzibati hüquqpozma olsun, istər cinayət qanununu pozsun, onun hər törətdiyi əmələ görə cəza təyin edilməli və həmin cəzalar da toplanmalıdır. Mən hesab edirəm ki, bu prinsipi biz qəbul etməliyik. Ona görə də xaricdə, o cümlədən ABŞ-da 20, 30, 40, 50 il cəza təyin olunur. Yəni əhatə etmə yolu ilə cəza vermək lazımdır. Belə şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunur. Bal sistemi ilə bağlı o halda əhatə etməyə icazə verməliyik ki, artıq şəxs sürücülük hüququndan məhrum edilir. Onda, əlbəttə, balları da ayrı-ayrı əlavə eləməyin adı yoxdur. Bu, cəza təyini ilə, yaxud tənbehin tətbiqi ilə bağlı prinsipial, fərqli yanaşmadır. Bu məsələlər aparacağımız hüquqi islahatların bir hissəsi olmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Sizin təklifiniz elmi diskussiyanın predmetidir, maraqlı təklifdir. Amma hesab edirəm ki, indi İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişikliklər etməyə başlasaq, onda fəlsəfə tamam dəyişməlidir. Hər halda bu günün işi deyil. Amma fikir maraqlı fikirdir. Fuad Muradov.
F.Muradov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hesab edirəm, çox vacib və əhəmiyyətli əlavə və dəyişikliklərdir. Mən, ümumiyyətlə, yol hərəkəti qaydalarının sərtləşməsinə tərəfdaram və bildirmək istəyirəm ki, məhz belə şərtlərin ağırlaşdırılması ilə biz yol hərəkətlərində müəyyən qədər qayda yarada bilərik. Ola bilsin, qaldırdığım məsələnin buna aidiyyəti yoxdur. Hesab edirəm ki, biz bu məsələyə toxunmalıyıq. Ümumiyyətlə, yol polisi əməkdaşlarının əmək haqları ilə bağlı biz dəfələrlə məsələ müzakirə etmişik. Artıq Ziyafət müəllim vurğuladı ki, cərimələrin bank vasitəsilə ödəmələri həyata keçirilir. Artıq polis işçilərinin maaşları da qalxıb. Bu, Dövlət Yol Polisinin, yəni küçələrdə duran polis əməkdaşlarına da şamil olunmalıdır. Həmin məsələni Nazirlər Kabinetinin hesabatında qaldırmaq istəyirəm.
Növbəti bir məsələni Əli müəllim burada vurğuladı. Bu məsələ sürücülük vəsiqəsindən mərhumetmə ilə bağlıdır. Əlavə edilən maddədə deyilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslər təcrübi imtahanı verərək sürücülük vəsiqəsi əldə edə bilərlər. Hesab edirəm ki, burada həmin vətəndaşın tibbi, mənəvi, psixoloji durumunun necə olduğu göstərilməlidir. Ola bilsin ki, onun sürücülük vəsiqəsindən məhrum edilməsi məhz onun psixi vəziyyəti ilə bağlıdır və o, yol hərəkəti qaydalarını pozduqdan sonra, sadəcə, təcrübi imtahanı verib yenidən vəsiqə alacaq. Amma onun vəziyyəti haqqında tibbi arayışı olmasa, yenə də problem yarana bilər. Ona görə mən də buna tərəfdaram ki, sürücülük vəsiqəsinin alınması proseduru daha təkmilləşdirilmiş şəkildə olsun. İnsanın sağlamlığı haqqında məlumat olmalıdır, çünki bəzən biz belə hallarla rastlaşırıq.
Bal sisteminə də toxunmaq istəyirəm. Burada Amerikada, Avropada olan vəziyyət haqqında deyildi. Əgər şəxs sürücülük vəsiqəsindən məhrum edilirsə, deməli, artıq çox ciddi bir məsələ var. Avropada əgər insan sürücülük vəsiqəsindən məhrum edilibsə, ona çox uzun bir müddət lazımdır ki, həmin vəsiqəni əldə etsin. Eyni zamanda, sürücülük hüququndan məhrumetmə prosesi də çox asan deyil. Yəni 10 bal yığdı və yaxud İnzibati Xətalar Məcəlləsində əks olunan maddələr ona şamil edildisə, şəxs sürücülük vəsiqəsindən məhrum edilir. Mən düşünürəm ki, gələcəkdə Əli müəllimin komitəsində bu məsələləri müzakirə edə bilərik. Bal sistemini daha çevik və yaxud daha qəliz şəkildə həyata keçirmək lazımdır ki, sürücülük vəsiqəsindən məhrum edilən şəxs üçün artıq bu axırıncı bir pillə olsun. Yoxsa o, bir ildən sonra imtahan verib, yenə də sürücülük vəsiqəsini ala bilər. Ümumiyyətlə, mən bu əlavə və dəyişikliklərə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli, buyurun. Xahiş edirəm, qısa danışın.
F.İbrahimli. Millət vəkillərindən vaxtlarını aldığıma görə çox üzr istəyirəm. Sizin dəyərli və qiymətli vaxtınızı 2 dəqiqə alacağam. Mən, ümumiyyətlə, bu cür sərtləşdirilmiş şərtlərlə tamamilə razıyam. Baxın, Azərbaycanda hər gün yol qəzaları baş verir, həmin qəzalarda ailələr məhv olur, insanlar ölür, şikəst olurlar və sair. Bunu törədənlər kimlərdir? Sərxoşlar, narkotik vasitələr qəbul edənlər və sair. Ona görə də bu baxımdan mən qanun layihəsinin fəlsəfəsinə, mahiyyətinə yüksək qiymət verirəm, ona səs verəcəyəm.
Ancaq 407.1-1-ci maddəyə xüsusi diqqət yetirmək istəyirəm. Hörmətli Ziyafət müəllim, hər birimiz bilirik ki, Bakı şəhərində tıxacları yaradan dar küçələrdə qanunsuz saxlanılan maşınlardır. Ona görə də buna qarşı daha sərt tədbirlər görmək lazımdır. Həmin sərt tədbirlərin cərimələri heç bir halda bu maşınların aparıldığı yerdə ödənməməlidir. Bilirik ki, ölkə Prezidenti rüşvətxorluğa, korrupsiyaya qarşı müharibə elan edibdir. Biz bunun üçün şərait yaranmasına yol verməməliyik. Ona görə də həmin cərimələr birmənalı olaraq banklarda ödənilməlidir. Bir gün sonra həmin şəxs gedib maşınını götürə və gedə bilər. Ola bilər ki, orada neqativ vəziyyət yaradacaqlar.
Mənim ikinci təklifim ondan ibarətdir ki, gələcəkdə bu məsələyə biz diqqətlə yanaşmalıyıq. Baxın, gözəl yollar çəkilib. Bu gün maşınların əksəriyyəti xaricdə istehsal olunan yüksək səviyyəli, yüksək sürətli maşınlardır. 90-dan yuxarı gedən kimi dərhal radara düşür və həmin məlumatlar əsasında ballar təyin olunur. Sürücülər ya cərimələnirlər və yaxud da bal hesabı ilə sürücülük vəsiqəsindən məhrum edilirlər. Buna da baxmaq lazımdır. Söhbət magistral yollar-dan gedir. Avropada necədir? Avropada, deyək ki, Fransa ilə İsveçrənin arasında maşınlar saatda 160 kilometr sürətlə ge-dir. Ancaq orada heç bir radar yoxdur. Azərbaycanda Bakı ilə Salyanın arasında 4 yerdə radara düşürsən. Həmin yolda 90-dan yuxarı gedə bilməzsən. Bu məsələyə baxılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Fəzail müəllim, Sizə kim deyir ki, İsveçrə ilə Fransanın arasındakı yolda radar yoxdur? Sizə elə gəlir ki, yoxdur, orada da var. Radar hər yerdə var və olmalıdır. Əgər etiraz etmirsinizsə, xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz. Buyurun, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 18.08 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Yaxşı, belə başa düşürəm, deyəsən, yorulmusunuz. Digər qanun layihələri gələn iclasa qalsın. Sağ olun, təşəkkür edirəm.