04.03.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ
PROTOKOLU № 9
Milli Məclisin iclas salonu.
4 mart 2011-ci il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin Sədr O. Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 108
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Zaur Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Vüqar Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Zemfira Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
* * *
Davud Rəhimli, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti.
Mehdi Mehdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Gülər Əhmədova, Fazil Mustafa, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Tahir Rzayev, Elmira Axundova, Leyla Abdullayeva, Zahid Oruc, Siyavuş Novruzov, Xanhüseyn Kazımlı, Bahar Muradova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Elmira Süleymanova, Zahid Oruc, Fazil Mustafa, İqbal Ağazadə, Mübariz Qurbanlı, Elmira Axundova, Aydın Mirzəzadə, Fərəc Quliyev, İlyas İsmayılov, Jalə Əliyeva, Rafael Cəbrayılov, Musa Quliyev, Siyavuş Novruzov, Aqil Abbasov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.28 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
3. Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
4. “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
7. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.46 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
8. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Hadi Rəcəbli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
10. “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Musa Quliyev, Zahid Oruc, Fəzail Ağamalı, Eldar İbrahimov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
11. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Fazil Mustafa, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Rafael Cəbrayılov, Siyavuş Novruzov, Musa Qasımlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.23 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
4 mart 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 108
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun. Müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Gülər Əhmədova. Amma xahiş edirəm, gündəlik ətrafında danışasınız.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə ki, gündəlik ətrafında da eyni mövzudan danışacağıq. Amma bilirsiniz, İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi olacaq. Orada uşaqlarla bağlı xüsusi bir bölmə var və görülmüş işlər haqqında da müəyyən fikirlər söylənibdir. Eyni zamanda, bizim parlamentin Avropa Şurası ilə birgə işçi qrupu var. Biz artıq korporativ sosial məsuliyyətlə bağlı bir fikrin ətrafında ictimaiyyətin diqqətini cəmləyə bilmişik.
Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda qadınlara və uşaqlara qarşı olan zorakılıq, əlbəttə, ən yüksək səviyyədə diqqət mərkəzində saxlanılır. Amma buna baxmayaraq, hələ də cəmiyyətdə zorakılığa məruz qalan uşaqların və qadınların arasında bu problem öz aktuallığını itirmir. Əsas səbəb ondan ibarətdir ki, bu gün istər qadınların, istərsə də uşaqların polisə şikayət etməsi məsələsi Azərbaycan mentaliteti tərəfindən qəbul olunmur. Bunu heç də pis bir hal kimi dəyərləndirmək istəmirəm. Çünki hər kəsə yaxşı məlumdur ki, hər bir xalqın gücü və qüdrəti onun adət və ənənələrinin üzərində möhkəm dura bilməsindədir.
Hər bir ənənənin ifrata varması onun puçluğuna gətirib çıxara bilən bir məqamdır və bu gün bu imkandan istifadə edərək həmin işçi qrupunun katibi kimi bir təklif vermək istəyirəm. Bu gün Azərbaycanda internet texnologiyalarından çox geniş istifadə olunur. Cənab Prezident tərəfindən də dönə-dönə deyilib ki, gələcəkdə Azərbaycanda təkcə neft amilindən deyil, ən inkişaf etmiş ölkələrdəki kimi internet texnologiyalarından da geniş istifadə etmək lazımdır.
Mən istərdim ki, bu gün Azercell bizim bir təklifimizə qoşulsun. Azercell tərəfindən satılan bütün mobil telefonlarda yeni bir “application” qoyulsun, adı da “mənə kömək et” olsun. İngiliscə çox asan bir abreviaturası var; “Help me”. Hər hansı zorakılığa məruz qalmış istənilən şəxs həmin “application” vasitəsilə adi bir siqnal göndərməklə qaynar xətlə əlaqə saxlasın. Bu gün Azərbaycanda uşaqlarla bağlı fəaliyyət göstərən 3 qaynar xətt var. İkisi Təhsil Nazirliyinə, biri ombudsmana aiddir. Tərsinə də ola bilər, amma dəqiq bilirəm ki, cəmi 3 dənədir. Eyni zamanda, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və ombudsmanın ünvanına...
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 10 gün öncə 7 əsgərin ölümü cəmiyyətdə nə qədər ciddi bir təlatüm yaratmışdırsa, ötən günlərdə 5 yaşlı bir uşağın valideynləri tərəfindən öldürülməsi də elə bir sarsıntı yaratdı. Bu önü göstərir ki, bu məsələləri, həqiqətən də, təkcə qanun qəbul eləməklə həll etmək olmaz. Biz Milli Məclis olaraq qəbul etdiyimiz qanunların icrası üzərində nəzarət mexanizmi barədə düşünməliyik. Yəni hər hansı bir məişət zorakılığı haqqında qanun qəbul eləmək kifayət deyil, bunun cəmiyyətdə işlək mexanizmi tapılmalıdır. Bunun yolları haqqında düşünməyimiz vacibdir.
Mən ANS telekanalına da təşəkkür edirəm ki, bu mövzu-nu diqqətə çatdırdı. Azərbaycan cəmiyyəti gördü ki, yüzlərcə belə uşaq var. Hətta valideyn himayəsində olsalar da, acınacaqlı vəziyyətdədirlər. Ona görə də dövlət bu ailələrin içində uşaqların hüquqlarının qorunması, onlara müdaxilə edilməsi mexanizmini mütləq tapmalıdır. Yoxsa gələcəyimiz, həqiqətən də, narahatedici bir vəziyyətə gəlib çıxa bilər.
İkinci qaldırmaq istədiyim məsələ Qəbələ RLS ilə bağlıdır. Mətbuatda informasiyalar getdi ki, Rusiya tərəfi Qəbələ RLS-i modernləşdirmək istəyir. Mən anlaya bilmədim, Azərbaycanın ərazisində olan bir hərbi bazanın Azərbaycanın razılığı olmadan modernləşməsi söhbət mövzusu ola bilərmi? Bu barədə niyə açıqlama verilmir? Bu gün işğal olunmuş ərazilərdən daha çox hansısa xarici ölkənin əlində “Kalaşnikov” tutan və kiçik bir binada yerləşən əsgəri Azərbaycanın müstəqilliyi üçün daha təhlükəlidir. O baxımdan da Qəbələ RLS icarəyə verilibdir. İcarəyə verilibsə, bu, Azərbaycana aid bir məsələdir və Azərbaycan bu məsələyə olduqca həssas yanaşmalıdır.
Başqa xarici ölkə birmənalı şəkildə deyə bilməz ki, mən burada istədiyimi edəcəyəm. Bu modernləşmə deyəndə nə başa düşülür? Bəlkə bura əlavə kontingent gətirilməsi nəzərdə tutulur? Bəlkə Azərbaycanın, ümumiyyətlə, hərbi sahəsinə nəzarət eləmək üçün müəyyən mexanizmlərin yerləşməsi nəzərdə tutulur? Bizim tərəfimizdən buna yol verilməməlidir.
Hüquq mühafizə orqanlarına nəzarət məsələsini biz yenidən gündəmə gətirməliyik. Bu əsgər ölümləri də göstərdi ki, bu məsələyə mütləq parlamentin nəzarət mexanizmi olmalıdır. Avropa ölkələrində bu var. Bu, ATƏT-in qətnaməsində göstərilib. Biz də bunu qəbul eləsək, Milli Məclisin komitələrinin həm çəkisi qalxar, həm də müəyyən proseslərə müdaxilə eləyə və bu cür neqativ halların qarşısını daha fəal şəkildə almaq imkanı əldə edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F. Quliyev. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən hesab edirəm ki, son dövrlərdə Azərbaycan hakimiyyəti Qarabağla bağlı çox normal bir siyasət yeridir və artıq dünya ictimai rəyində xeyli dəyişikliklərə nail olmuşuq. Amma, məncə, bir çatışmayan cəhətimiz var. Hələ də rəsmi ifadələrimizdə və sənədlərdə “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ” ifadəsi işlədirik. Hesab edirəm ki, Azərbaycan deyiləndə Dağlıq Qarabağ da, Naxçıvan da, Şəki də onun içində gedir. Biz unitar dövlətik və mən düşünürəm ki, hələ bu gün də Ermənistan parlamenti tərəfindən Qarabağı öz tərkibinə daxil eləmək haqqında qərarın qüvvədə qaldığı və Dağlıq Qarabağdakı terrorçuların da tərəf kimi danışıqlarda iştirak eləmək cəhdi olduğu bir dövrdə biz bu ifadəni leksikonumuzdan çıxarmalıyıq. Rəsmi sənədlərdə bunu Ermənistan–Azərbaycan müharibəsi və ya qısaltmaq istəyiriksə, Dağlıq Qarabağ münaqişəsi kimi göstərməyimiz zəruri məsələdir.
İkinci, insanlar bələdiyyələrin verdiyi torpaq sahələrində evlər tikiblər, amma qeydiyyata düşə bilmirlər. Bu da insanların Konstitusiyada təsbit olunmuş hüquqlarının bir çoxunun həyata keçirilməsinə maneçilik törədir. Keçən sessi-yalarda da bu məsələlərə toxunulub. Hesab edirəm ki, bu məsələ də müzakirə predmeti kimi ortaya çıxarılsa, yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Oqtay müəllim, əziz həmkarlarım! Bir neçə gün bundan qa-baq istər Azərbaycanda, istərsə də Azərbaycandan çox-çox uzaqlarda Azərbaycanın millət vəkilləri də daxil olmaqla bütün soydaşlarımız, Azərbaycan diasporu tərəfindən əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı qeyd olundu. Bu bir re-allıqdır ki, bir neçə gündən sonra, 31 martda biz Azərbaycan xalqına qarşı zaman-zaman, fürsət düşdükcə işğalçılıq və soyqırımı siyasəti həyata keçirən erməni cinayətkarlarının 1918-ci ildə törətdikləri soyqırımının ildönümünü qeyd edəcəyik.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, biz böyük ehtiramla, minnətdarlıqla qeyd etməliyik ki, bütün bunlar, son iki əsrdə erməni cinayətkarları tərəfindən başımıza gətirilən bu məsələlər 1998-ci ildə ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərman və 1999-cu ildə imzaladığı sərəncamda öz əksini tapıbdır. Ermənilər yenə də 24 aprel ərəfəsində Skandinaviya ölkələrinin, bir sıra digər ölkələrin parlamentlərində qondarma soyqırımının tanınması ilə bağlı böyük işlər görürlər. Mənim sizdən xahişim odur ki, ulu öndərimizin fərman və sərəncamında da qeyd olunduğu kimi, biz Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mütləq tezliklə soyqırımı mərkəzini yaradaq.
Sərəncamdan irəli gələn digər məsələlərdə də var. Son 100 ildə Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycan türklərinin, 1937-ci ildə repressiya olunmuş tanınmış insanlarımızın xatirəsini və Qarabağ işğalını, Xocalı soyqırımını özündə əks etdirən bu mərkəzin beynəlxalq aləmdə bu haqlı işimizin – soyqırımının tanınmasında çox böyük əhəmiyyəti olar.
Bir də, fürsətdən istifadə edib şəmkirli seçicilərimin xahişini sizin diqqətinizə çatdırmaq istərdim. Azərbaycanın is-tiqlal şairi, müstəqil Azərbaycan dövlətinin və türk dünyası-nın himnini yazmış Əhməd Cavadın bu günə qədər qəbri yoxdur. Onun üçün bir xatirə muzeyi açılsa, çox yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən də burada deputat həmkarlarımın ictimaiyyətin narazılığını ifadə etməsini səbəbsiz hesab etmirəm. 5 yaşlı Sevincin atası və ögey anası tərəfindən qəddarlıqla öldürülməsi, deyərdim ki, çox ağır bir faciədir. Elə bilirəm ki, bu öz qiymətini tapmalıdır. Bu gün ölkədə körpələrin azad, firavan yaşaması üçün tədbirlər görülür. Ancaq çox təəssüf edirəm ki, insana qəsd, insan ölümü ilə bağlı bizim Cinayət Məcəlləsində bir çox humanist müddəalar var ki, onlardan bəzi insanlar lazımi nəticə çıxarmırlar. Vaxtaşırı əfv fərmanları verilir, insanlar əfv olunurlar. Onların cəzaçəkmə müddətləri müəyyən qaydada azaldılır. Lakin çox təəssüflər olsun ki, bəzi insanlar məsuliyyətdən azad olunandan sonra yenə də belə cinayətlər törədirlər. Mən təklif edirəm ki, Cinayət Məcəlləsində insana, ölümə qəsdlə bağlı cəzalar sərtləşdirilsin. İnsan atasına qəsd edir, öz bacısını öldürür, məhkəmələr tərəfindən buna 8–9 il iş kəsilir. Bir müddətdən sonra da azadlığa çıxır, ikinci bir cinayəti törədir. Xarici ölkələrin təcrübəsində də var və mən təklif edərdim, belə adamlar uzunmüddətli cəzalara məhkum olsunlar. Nəinki 8–10 il, qəsdən adam öldürübsə, 20–25 il, ömürlük həbs cəzasına məhkum olunsun.
Digər bir fikrim də var. Özünü bəzən sülh, demokratiya carçısı adlandıranlar insanlara şər, böhtan atırlar, yeri gələndə onları təhqir edirlər. Bu gün mətbuata bəzi məsələlər çıx-arılıb. Biz Elmira Süleymanova haqqında hər şeyi ətraflı bilirik, onun işinə yaxından bələdik. O, Azərbaycanda öz vəzifəsini ləyaqətlə yerinə yetirən bir insandır. Ancaq sülhdən, demokratiyadan danışan Leyla Yunus onun haqqında böhtanlar yayır və qeyd edir ki, Elmira xanımın koftasına günahsız insanların qanı çilənib. Mən çox təəssüf edirəm ki, yeri gələndə insan hüquqlarının müdafiəsindən danışırlar, ancaq bizim hörmətli ombudsmanımız haqqında belə iftira-lar yayırlar. Elmira xanım, yəqin ki, bu məsələyə öz münasibətini bildirəcək və biz də ona dəstək verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hər birimizin qarşılaşdığı bir problemi diqqətinizə çatdırmaq istərdim. Demək olar ki, həmkarlarımın əksəriyyətinin başına bu hadisə gəlibdir. Müsahibə və parlamentdəki çıxışlarımız tez-tez qeyri-peşəkar jurnalistlər tərəfindən təhrif edilir və nəticədə xoşagəlməz bir vəziyyət yaranır.
Əgər xatırlayırsınızsa, mən Milli Məclisin son iclasında bildirmişdim ki, Bakı bələdiyyə teatrına, Pantomima teatrına, Şuşa teatrına müvafiq olaraq “Dostluq”, “Şəfəq” və “Sa-valan” kinoteatrlarında 2–3 otaq veriblər. Bildirmişdim ki, həmin kinoteatrlar təyinatı üzrə işləmirlər. Kinoteatrların rəhbərləri isə həmin binalardan kommersiya məqsədləri üçün istifadə edirlər və qanunsuz hərəkətlərlə tanınırlar. Bu-na görə də təklif etmişdim ki, adları çəkilən “Dostluq”, “Şəfəq” və “Savalan” kinoteatrları müvafiq teatrların balansına verilsin, həmin 3 teatra da vəsait ayrılsın və bu binalar əsaslı təmir olunsunlar. Lakin “Bizim yol” qəzetində mənim kinoteatrların direktorlarına qarşı səsləndirdiyim tənqidi fikirlər təhrif olunaraq ictimaiyyətə səhv çatdırılmış və mənim guya teatrlara qarşı çıxış etməyim haqqında sərlövhə verilmişdir. İstərdim ki, bu qeyri-peşəkar jurnalistlər teatrı və orada çalışan fədakar insanları mənim qədər sevəydilər və onlara dəyər verəydilər.
Belə xoşagəlməz halların qarşısını almağın bircə yolu var. Mən bunu dəfələrlə Milli Məclisdə səsləndirmişəm. Yəni Milli Məclisin özünün müstəqil parlament kanalı olmalıdır. Əgər bu hələlik mümkün deyilsə, AzTV rəhbərliyindən, çox hörmətli həmkarımız Arif Alışanovdan xahiş edərdim ki, təzə açılan “Mədəniyyət” kanalında Milli Məclisin fəaliyyətini işıqlandırmaq üçün həftədə yox, gündə 2 saat vaxt ayrılsın, bizim fəaliyyətimiz və müzakirə etdiyimiz ağrılı, aktual, vacib problemlər haqqında ictimaiyyət daha geniş və daha obyektiv informasiya ala bilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L. Abdullayeva. Təşəkkür edirəm, cənab Sədr. Son günlərdə biz bir neçə tarixi faciələrimizin ildönümünü qeyd et-dik. Sumqayıtda törədilmiş hadisələrdən artıq 23 il keçir. Belə hadisələrə ötəri baxmaq olmaz, çünki bu, beynəlxalq səciyyə daşıyan çox ciddi bir məsələdir. 1988-ci ildə ermənilər total təxribata əl ataraq Sumqayıtda əvvəlcədən planlaşdırılmış aksiya keçirdilər. Hər birimiz bilirik ki, bu aksiyada məqsəd ermənilərin azərbaycanlılarla bir dövlətdə yaşamasının qeyri-mümkün olduğunu dünya ictimaiyyətinə çatdırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına zəmin yaratmaq idi. Nəticədə gənclik və dostluq şəhəri kimi tanınan Sumqayıt, təəssüf ki, bir sıra xarici mənbələrdə hələ də “vəhşi şəhər” adlandırılır.
Bu günlərdə möhtərəm cənab Prezidentimizin Sumqayıt hadisələrinin istintaqının yenilənməsi ilə bağlı tapşırığı və müvafiq saytın yaradılması sumqayıtlılar tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. Mən qeyd etmək istəyirəm ki, ümumiyyətlə, cənab Prezidentimiz tərəfindən aparılan xarici siyasət Azərbaycan həqiqətlərini bütün dünyaya yaymağa imkan verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın və fondun vitse-prezidenti xanım Leyla Əliyevanın səylərini xüsusi qeyd etməliyəm.
Mən bir təkliflə çıxış etmək istəyirəm. Bildiyimiz kimi, dünyanın bir çox məşhur ali məktəblərində, təhqiqat mərkəzlərində regionşünaslıq, politologiya, beynəlxalq münasibətlər və hüquq sahəsində müxtəlif proqramlar, layihələr həyata keçirilir. Bu tip layihələr əsasında müxtəlif dərslik və dərs vəsaitləri, kitablar yazılmaqla yanaşı, həmin beyin mərkəzlərinin hazırladıqları konsepsiyalar gələcəkdə həmin ölkələrdə ictimai rəyə də təsir etmək imkanlarına sahib olurlar. Nəzərə alsaq ki, bu gün Azərbaycan iqtisadi cəhətdən və maliyyə imkanları baxımından çox güclü bir dövlətə çevrilmişdir, təklif edərdim ki, xüsusi bir maliyyələşdirmə fonduna əsaslanan bir mexanizm, qurum yaradılsın. Bu mexanizm vasitəsilə xarici dövlətlərin təhqiqat mərkəzlərinin stimullaşdırılması aparılsın. Başqa sözlə desək, xarici dövlətlərin, beynəlxalq təşkilatların, müvafiq qurumların tədqiqatçıları tərəfindən xüsusi araşdırmalar aparılması üçün qrantların və təqaüdlərin ayrılmasına əsaslanan tədqiqata dəstək və həvəsləndirmə sistemi yaradılsın. Yəqin, hamımız razılaşarıq ki, hər hansı bir xarici ölkənin konkret qurumu və ya vətəndaşları üçün onların öz qurumlarının tədqiqatçıları tərəfindən hazırlanmış proqramlar, rəylər daha inandırıcı və daha yaxın olar. Məsələn, model kimi geniş yayılmış Fulbrayt, Henrix Böll tədqiqat proqramları götürülə bilər. Xarici tədqiqatlar üçün “Xocalı həqiqətləri” və ya “Qarabağ tədqiqatları” adı altında təqaüdlər təsis edilsə, bu daha da məqsədəuyğun olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z. Oruc. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlar! Bilirsiniz ki, sabah Soçi şəhərində Qarabağ danışıqlarının növbəti dövrəsi keçiriləcək. Şübhəsiz ki, Azərbaycan insanı, Azərbaycan cəmiyyəti bu danışıqlardan ciddi və real nəticələr gözləyir. Bədbinlik üçün əsas verən bütün əvvəlki tarixə baxmayaraq, düşünürəm ki, beynəlxalq ekspertlərə, dairələrə, hər kəsə bəllidir ki, Azərbaycan Prezidenti bu danışıqlara öz ölkəsindən güclü bir mövqe ilə gedir. Birinci, ona görə ki, dövləti və milləti arasında konsensus və vəhdət, siyasi iradə birliyi var. İkinci, istənilən şəraitdə əgər bu proseslər iflasa uğrayarsa, müharibə aparmaq üçün ölkənin ən azı 30 milyard dollara qədər vəsaiti var, çünki hər kəsə bəllidir ki, müharibəni iqtisadiyyatlar aparır. O cümlədən, heç şübhəsiz ki, dünən cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyində hərbi sursata, texnikaya dair tədbirə qatılması da, mənə elə gəlir ki, bir mesajdır, rəmzi məna daşıyır.
Əlbəttə ki, bütün bu amillər Azərbaycanın bu danışıqlarda mövqeyini güclü edir. Lakin qeyd etdiyimiz məsələni Ermənistan haqqında demək mümkün deyil. Sarkisyan ora zəifləmiş bir mövqe ilə, parçalanmış diaspora, daxildə siyasi böhran, vətəndaş birliyinin olmaması, müxalif qüvvələrin güclənməsi və sair şəraitində daxil oldu.
Bizə bəllidir ki, bu danışıqlar yenə də nəticəsiz ola bilər. Başlıca olaraq ona görə ki, danışıqların şərtini Rusiya diktə edir. Ayın 25-də Medvedyev–Sarkisyan görüşü buna sübut-dur. Ona görə mən təklif edirəm ki, əgər bu danışıqlar da nəticəsiz olacaqsa, Azərbaycan Ermənistanla danışıqlardan imtina eləsin, bunu rəsmi olaraq gündəmə, dilə gətirsin və bundan sonra Qarabağ danışıqlarını Rusiya ilə aparacağımızı bəyan eləsin. Bir çoxları üçün bu, qəribə səslənə bilər. Am-ma faktiki bəllidir ki, Rusiya prosesin əvvəlindən hərbi, si-yasi işğalın gerçəkləşməsində rol oynayıb.
Biz Rusiya ilə danışıqları aparmaqla dünyaya göstərmiş oluruq ki, söhbət Qafqazda məhz Rusiyanın Qarabağ və ümumiyyətlə, digər problemlərə münasibətindən gedir. Biz daha niyə deyək ki, şərtləri Rusiya tərəfindən diktə olunmuş üçüncü bir qüvvə ilə danışmış olaq? Əgər Qərb də bu danışıqlarda, yəni Rusiya ilə münasibətlərdə Azərbaycanın yanında olacaqsa, qoy olsun. Kimsə deyəcəksə, bu, siyasi bazarlaşmadır və sair, ola bilər, diplomatiyada və siyasətdə bu hal mümkündür. Lakin Azərbaycan 1990-cı illərin ortalarını yaşamır. Yəni dövlətin mövqeləri güclənir, iqtisadi imkanları artır, Qafqazda söz sahibidir. Beynəlxalq aləmdə Qafqaz uğrunda savaşda Azərbaycanın mövqeyini nəzərə alırlar. Ona görə bizə “gəl, kollektiv təhlükəsizlik müqaviləsinə qoşul, ya da müstəqillik əvəzinə Qarabağ” kimi təkliflər veriləsi deyil. Qoy danışıqlar bundan sonrakı dönəmdə Rusiya ilə aparılsın. Mən bunu təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də gündəliyin qəbul olunmasına səs verəcəyəm. Amma bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Doğrudan da, tez-tez bu məsələlərə toxunulur. Hörmətli həmkarım Məlahət xanım da bu məsələni qaldırdı.
Təsəvvür eləyin, iki ayın içərisində Azərbaycanda 3 dənə matəm günü olur. 20 yanvar, Xocalı, 31 mart soyqırımı və ondan sonra bu proseslər davam edəcək. Bir millətin taleyini, başımıza gələn bu oyunları, insanlarımıza qarşı olan təcavüzü – bunların hamısını, mənə elə gəlir ki, ümumiləşdirib qlobal nəsə bir şey etmək lazımdır. Bununla bağlı ya bir muzey yaradılmalı, ya da bir abidə qoyulmalıdır ki, biz bunu ümumiləşdirək və hər kəsə göstərək ki, Ermənistan tərəfindən Azərbaycana qarşı bu dövrlərdə bu hadisələr törədilib, bu onun bir abidəsidir. Həm də Azərbaycan vətəndaşlarının vətən, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsi olur. Biz bunları parçaladıqca, hissə-hissə elədikcə, onlar mahiyyət baxımından da aşağı düşür. Buna görə də dünyaya çatdırmaq baxımından biz bunu ümumiləşdirib bir abidə yaratmalıyıq və gələcəkdə bu məsələyə diqqət yetirilməlidir.
İkinci, son günlər ordu ilə bağlı da çox fikirlər söylənir. Bu gün Milli Məclisdə də Qəbələ RLS-nin statusu ilə bağlı qeyd olundu. Müqavilənin müddətinin bitməsinə hələ bir il qalır. Bir ildən sonra əgər hər hansı bir müqavilə bağlanacaqsa, bilirsiniz ki, o, Milli Məclisdə təsdiq olunacaq. Ona görə də indidən tələsib demək lazım deyil ki, kimsə ora qoşun gətirəcək, baza yaradacaq, orada təkmilləşdirmə işi apa-racaq. Haradansa sızan informasiyaları götürüb şişirdilmiş formada cəmiyyətə təqdim etməməliyik. Bu gün Azərbaycan həmin bazanı icarəyə verib və bu, hərbi baza deyil, informa-siya, məlumat xarakterli bir məntəqədir. Bu gün Qəbələ RLS hərbi baza statusuna malik deyil.
Son günlər mətbuatda səslənir ki, Bakı şəhərinə qoşun to-planılır, kimlərsə dəstə yaradır. Müəyyən məmurların adı çəkilir və sair. Bununla mətbuat orqanları ictimaiyyətdə bir ajiotaj yaratmağa çalışırlar. Bunların hamısı yalandır, böhtandır. Azərbaycanda möhkəm dövlət var və onun ayrı-ayrı strukturları var. Qanunun aliliyinə bütün strukturlar nəzarət eləyir. Əgər kimsə qanundan kənara çıxacaqsa, intizama dəvət olunacaqdır. Azərbaycanda bu gün əmin-amanlıqdır, sülhdür. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Şərqi Avropada da ən sabit bir dövlətdir, sakitlik, əmin-amanlıq var. Bu kimisə narahat eləyibsə, onun prob-lemidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Cənab Sədr, bəzən elə məsələlər olur ki, biz onu 3 dəqiqə ərzində çatdıra bilmirik. Mən də gündəlikdəki məsələlərə səs verəcəyəm və onun tərəfdarıyam. Bir məsələni qeyd eləmək istəyirəm. Bəzən qəzetlərdə müxtəlif informasiyalar gedir. O qəzetləri bizim cəmiyyət yaxşı qəbul eləmir, bəlkə heç oxumur da. Amma o informasiyanı burada dönə-dönə səsləndirməklə bəlkə camaatda belə bir rəy yaradırıq ki, ola bilsin, bu, düzdür. Mənə elə gəlir ki, biz bir deputat, diplomatiya, siyasət aləminin nümayəndəsi kimi bunları öz çıxışlarımızda ehtiyatla səsləndirməliyik. Yəni əsassız məsələləri dilimizə gətirməklə bəlkə də onun əsaslı olmasına zəmin yaratmış oluruq.
Burada bir çox məsələlər səsləndi. Bu günlərdə cənab Prezident gözəl bir fikir söylədi, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan evinin yaradılması məsələsinə toxundu. Bəli, bütün Azərbaycan haqqında informasiyaların ayrı-ayrı ölkələrdə yerli müəlliflərin gözü ilə onların mətbuatında səsləndirilməsi məsələsi sabahı göstərir. Mən hesab edirəm ki, orada Azərbaycan həqiqətləri olacaq. Orada hətta Azərbaycanın 100 il bundan qabaq buraxılmış pul nişanlarına qədər olacaq. Erməninin Azərbaycan ərazisində yaratdığı dövlətin tarixində belə bir fakt, pul sikkəsi yoxdur. Mən gü-man edirəm ki, bunların hamısı bizim dövlətimizin strateji planlarında nəzərdə tutulub və onlar öz əksini tapacaqdır. Deputat həmkarım Siyavuş müəllim çox gözəl dedi ki, bəzən o ajiotajın yaranması üçün ona təkan vermiş oluruq.
O ki qaldı ölkə rəhbərinizin Soçi səfərində əldə edəcəyi nəticələrə, güman edirəm ki, bu barədə yalnız müzakirələrdən sonra fikir söyləyə bilərik. Azərbaycan addım-addım irəliyə doğru gedir və qüdrətli bir dövlətə, ədalətli bir cəmiyyətə, varlı bir məkana çevrilmək əzmindədir. Bu istiqamətdə də korrupsiyaya qarşı mübarizəni SSRİ məkanında ilk dəfə Heydər Əliyev aparıbdır.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn müəllim, Siz vaxt məsələsindən danışdınız. Daxili Nizamnaməyə görə hər yeni gündəlik təsdiq olunanda müzakirələr gündəlik ətrafında getməlidir. Ancaq biz indi burada imkan versək ki, hamı 3 dəqiqədən artıq danışsın, onda qanunvericilik işləri kənarda qalacaq. Təəssüf edirəm ki, çox vaxt müzakirə zamanı gündəlikdən danışan olmur.
Gündəlikdən, əgər mühüm bir beynəlxalq hadisə olubsa, həmin məsələdən danışmaq lazımdır. Bahar xanım ATƏT-in Parlament Assambleyasının yaz sessiyasında iştirak elədi, Azərbaycan haqqında fikirləri oldu. Belə şeyləri müzakirə eləmək lazımdır. Yoxsa elə yazıldı, orada belə oldu – bunlar müzakirə predmeti deyil axı. Hamınızdan xahiş edirəm, elə məsələləri müzakirə edək ki, dəyəri olsun. Buyurun, Bahar xanım.
B. Muradova, Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Təşəkkür edirəm, cənab Sədr. Məlum olduğu kimi, biz fevral ayının 24–25-də tam tərkibdə nümayəndə heyəti olaraq Vyanada ATƏT-in qış sessiyasında iştirak etdik. Məlumat üçün deyim ki, 3 komitə, 2 plenar və bir də, ayrılıqda daimi komitənin iclası keçirildi. Komitə və plenar iclaslarda ötən yay sessiyasının qəbul etdiyi Oslo Bəyannaməsinin yerinə yetirilməsi və Belqradda keçiriləcək yay sessiyasına hazırlıqla əlaqədar məruzələrin ətrafında müzakirələr aparıldı. Əlbəttə, məruzəçilər bu vəzifələrin yerinə yetirilməsi, nümayəndə heyətlərinin təklifləri barədə fikirləri dinlədilər və çox səmərəli, faydalı müzakirələr keçirildi. Əsasən, Siyasi məsələlər komitəsində İnsan alverinə qarşı mübarizə, Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində isə Belarusdakı vəziyyət ciddi müzakirə olundu. Söyləməliyəm ki, hər 3 məsələ ətrafındakı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri çox fəal iştirak etdilər. Həm müzakirə olunan məsələ, həm onunla əlaqəli olaraq Azərbaycanın durumu, qarşıda dayanan hədəflər, həm də Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində təkliflərini səsləndirdilər. Çox haqlı iradlarını və etirazlarını bildirdilər.
Deməliyəm ki, bizim budəfəki səfərimiz kədərli hadisə ilə müşayiət olundu. Azərbaycanın Avstriyadakı səfiri Fuad İs-mayılov vəfat etmişdi. Plenar sessiyanın iclası başlayarkən Sədr Fuad İsmayılovun xatirəsinə bir dəqiqəlik sükut elan elədi və onun Azərbaycan–ATƏT, o cümlədən Azərbaycan–Avstriya münasibətlərində oynadığı rol haqqında kiçik bir məlumat verdi. Bir dəqiqə ərzində bütün parlamentarilər bizimlə birlikdə bu kədərə şərik oldular.
Ümumiyyətlə, bu sessiya miqrasiya, inteqrasiya və çoxmillətli dialoq mövzusuna həsr olunmuşdu. Bütün məsələlər də məhz bu çətir altında müzakirə predmetinə çevrilmişdi. Sədr Petros Eftimiu plenar iclasda ATƏT regionunda təhlükəsiz həyat, Albaniyada hadisələr, Belarusda, xüsusilə Yaxın Şərqdə vəziyyətə və münaqişələrə toxundu və bunun-la əlaqədar müzakirələr ətrafında ciddi fikirlərin bildirilməsinin vacib olduğunu söylədi. Plenar sessiyada Ajubalis çıxış etdi. Bilirsiniz ki, o, Litvanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan Sədridir. Bir çox məsələlər onun məruzəsində özünə yer almışdı.
Qeyd etməliyəm ki, bizim yaxşı mənada təəccübümüzə səbəb olan o idi ki, bu dəfə fəaliyyətdə olan Sədr çıxışında münaqişələrə geniş yer ayırmışdı. Xüsusilə Dağlıq Qarabağ məsələsinin onu ciddi narahat etdiyini, ATƏT-in vasitəçi təşkilat olaraq bu məsələdə səylərini genişləndirməsini, Dağlıq Qarabağ məsələsi ətrafında vəziyyətin həddindən artıq gərginləşdiyini və bunun üçün ciddi qərarların qəbuluna ehtiyac olduğunu söylədi. Əlbəttə, bu bizi bir ümumi fikir olaraq qane eləyir. Konkret olaraq, bizim çıxışlarımızda o fikirlər öz əksini tapdı ki, deyilənlər doğrudur, amma hələ Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar ATƏT-in Parlament Assambleyasında bu günə qədər bir sənəd belə müzakirə olunmayıb, müvafiq bir qətnamə qəbul olunmayıb. Həm məruzəçilərə, həm komitə sədrlərinə, həm də ATƏT-in Parlament Assambleyasının rəsmilərinə bizim tərəfimizdən bildirildi ki, bu məsələ yaxın dövr ərzində ayrıca bir məsələ kimi müzakirə predmeti olmalıdır və biz müvafiq qərar qəbul etməliyik.
Söyləməliyəm ki, bizim nümayəndə heyətinin üzvləri Azay Quliyev, Rəbiyyət Aslanova, Eldar İbrahimov və digərləri çıxışlarında faktaraşdırıcı missiyanın Azərbaycana səfəri və hesabatının açıqlanmaması, dediyim kimi, Dağlıq Qarabağ haqqında qətnamənin qəbulu, Ermənistanın mono-etnik dövlətə çevrilməsi, Qırğızıstanda vəziyyət, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, onun bu günə qədər əldə etdiyi uğurlar və bu təşkilat vasitəsilə ATƏT-lə türkdilli ölkələrin inteqrasiyası məsələləri, insan alveri və miqrasiya problemləri, ATƏT-in bir təşkilat olaraq öz daxilində islahatlar aparmasının vacibliyi barədə Azərbaycanın ciddi mövqeyini diqqətə çatdırdılar. Sizə deməliyəm ki, Azərbaycan nümayəndə heyəti hər zaman Parlament Assambleyasının işində öz fəallığı ilə seçilir və bir qayda olaraq, ATƏT rəsmiləri bizdən ayrılıqda bu məsələlərin müzakirəsində yaxından iştirak etməyi və Azərbaycanın mövqeyini bildirməyi xahiş edirlər. Ona görə ki, Azərbaycan nümayəndə heyəti təkcə özümüzlə bağlı deyil, həm də re-gionda olan bütün məsələlərlə bağlı öz mövqeyini bildirir, işə xeyri olan səmərəli təkliflər irəli sürür.
Əlbəttə, diqqəti çəkən əsas məsələ xüsusi müzakirələr idi. İkinci plenar sessiyada iki məsələ ətrafında ciddi müzakirə getdi. Bunlar, dediyim kimi, birinci, miqrasiya və inteqra-siya problemləri, ikinci, Yaxın Şərqdə vəziyyətlə bağlı idi. Məruzəçilər öz çıxışlarında bir çox məsələlərə toxundular. Bizim etirazımıza səbəb olan bir məsələ də o idi ki, ATƏT-in xüsusi nümayəndəsinin miqrasiya məsələləri üzrə məruzəsində ATƏT-in Yerevan bürosunun fəaliyyətindən daha çox söhbət açıldı və Ermənistanın miqrasiya məsələlərində fəaliyyəti bir nümunə kimi iştirakçıların diqqətinə çatdırıldı. Çox haqlı olaraq bizim nümayəndə heyətinin üzvləri Rəbiyyət Aslanova və Azay Quliyev məruzəçilərə şəxsən etirazlarını bildirərək, belə bir məsələdə Ermənistanın deyil, Amerikanın, Kanadanın və digər Avropa ölkələrinin nümunə ki-mi gətirilməsinin vacibliyini söylədilər. Ermənistan monoet-nik dövlətdir, təcavüzkardır. Biz hər dəfə çıxışlarımızda bu ölkənin təcavüzkar siyasəti haqqında danışırıq, amma məruzəçilər də həmişə hər kəsin təəccübünə səbəb olan belə bir mövqe ortaya qoyurlar. Bizim mövqeyimiz də onlar tərəfindən qəbul olundu və düşünürəm ki, Azərbaycanın təklifləri bu məruzələrdə öz yerini alacaqdır.
Yaxın Şərqdə vəziyyətlə bağlı çox ciddi müzakirə getdi. ATƏT-in Parlament Assambleyasının keçmiş sədri Elsi Has-tinq bu barədə məruzə ilə çıxış elədi, burada yaranan ziddiyyətli problemlərdən söhbət açdı. Eyni zamanda, indiki halda ATƏT-in, beynəlxalq təşkilatların bu məsələyə müdaxiləsinin yollarını aramağın vacib olduğunu elan etdi. Müzakirədən sonra bəyanat qəbul olundu. Bu bəyanatda qeyd olunur ki, əgər Yaxın Şərq ölkələrindən hər hansı biri müraciət edərsə, ATƏT bu məsələni tənzimləməyə hazırdır.
İkinci əsas istiqamət də bizim görüşlərimiz idi. Qısa şəkildə bu barədə məlumat vermək istəyirəm. ATƏT-in Vyana ofisinin başçısı səfir Andreas Notelle və ATƏT-in ikinci ka-tibi Tina Şönlə görüş keçirdik. Avstriya – Cənubi Qafqaz parlament əməkdaşlığı qrupunun sədri Karl Öllinger və ATƏT-in vitse-prezidenti, Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukla görüş keçirdik. Ayın 24-də Avstriya Parlamenti Milli Şurasının ikinci prezi-denti Frits Noygenbauerlə görüşdük. Sessiyanın yekununda ATƏT-in fəxri sədri Joao Suareş və indiki sədri Petros Efti-miu ilə görüşlər keçirdik. Bu görüşlərin hər birində Azərbaycanla bağlı məsələlər müzakirə olundu.
Xüsusilə Avstriya tərəfi ilə müzakirədə biz Avstriya Parlamentində Dağlıq Qarabağ məsələsi ilə əlaqədar mü-vafiq qətnamənin hazırlanması və qəbulu məsələsinin ətrafında fikir mübadiləsi apardıq və mən Səməd Seyidovun diqqətinə buradan çatdırmaq istəyirəm ki, Avstriya Parla-menti Milli Şurasının ikinci prezidenti Frits Noygenbauer, – o həm də Avropa Şurasının üzvüdür, – öz tərəfindən Avropa Şurasında olan bizim nümayəndə heyəti ilə ciddi əməkdaşlığa hazır olduğunu söylədi. Dedi ki, bu məsələni Xarici əlaqələr komitəsində araşdıracaq. Belə bir qətnamənin qəbulunu vacib hesab edərlərsə, onlar bizimlə birlikdə bunun üzərində işləyəcəklər.
Bildiyimiz kimi, Lenmarker artıq parlament üzvü deyil və o, Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə vəzifəsini daşımır. Artıq bu yer boşdur və biz bu vəzifəni tutacaq adamın kim olması və hansı meyarlara cavab verməsi ilə əlaqədar hər iki sədrlə söhbət apardıq və Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bir məsələnin müzakirəyə çıxarılmasının vacib olduğunu söylədik. Petros Eftimiu may ayında Azərbaycana səfər edəcək və o məsələləri burada müzakirə etməyə hazır olduğumuzu bildirdim.
Bir məqam da ondan ibarət idi ki, TürkPA bu dəfə xüsusi qonaq statusunda ATƏT-in Parlament Assambleyasının işində iştirak edirdi. Biz çox çətinliklə ona xüsusi qonaq statu-sunu ala bilmişdik. Vaxtilə Türkiyə müşahidəçi statusunun alınması ilə bağlı müraciət etdiyi zaman bir çox nümayəndə heyəti buna etiraz etmişdi. Xüsusilə Rusiya nümayəndə heyətinin sədri Aleksandr Kozlovski yay sessiyasında çox kəskin bir çıxış edərək türkçülüyü, – digər epitetlər var ki, türkün adı gələndə onu çəkirlər, – əsas gətirərək belə bir təşkilatın ATƏT-də status almasının əleyhinə çıxmışdı. Ona görə də biz bu dəfə TürkPA-nın nümayəndələri ilə birlikdə onunla xüsusi bir görüş keçirdik. TürkPA-nın heç də üçüncü bir dövlətə qarşı fəaliyyət ortaya qoymadığını, əksinə, ATƏT-in Parlament Assambleyası kimi, ölkələr arasında parlament əlaqələrinin inkişafına xidmət etdiyini onun diqqətinə çatdırdıq. Nəzərinizə çatdırmaq istəyirəm ki, o, bun-dan sonra böyük məmnuniyyətlə TürkPA-nın maraqlarına uyğun bütün məsələlərdə ona dəstək verəcəyini söylədi.
Əsas məsələyə keçirəm. Bu məsələ daimi komitədə Azərbaycanda keçirilən seçkilərin nəticələri ilə bağlı hesabatın müzakirəsi idi. Bu il ATƏT regionunda – Amerika Birləşmiş Ştatlarında, Qırğızıstanda, Belarusda, Moldovada bir çox seçkilər keçirilib və bunların hər biri də müzakirə predmeti oldu. Xüsusilə Belarusda olan vəziyyətə dair çox kəskin müzakirə getdi və Belarusa qarşı sanksiyaların ciddiləşdirilməsi və artırılması məsələsi ortaya qoyuldu.
Avstriya nümayəndəsi və Parlament Assambleyasının vitse-prezidenti V.Qrossruk Azərbaycanla bağlı bizim də yaxşı mənada təəccübümüzə səbəb olan bir hesabatla çıxış etdi. Bildiyiniz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Parlament Assambleyası nümayəndə heyətinin mövqelərində ciddi fərqlər var idi. Hələ burada 12 saatlıq müzakirədən sonra bütün beynəlxalq müşahidəçilərin iştirakı ilə razılaşdırılmış bəyanatı V.Qrossruk elan etdikdən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi o razılaşmanı bir kənara qoyaraq özünün hesabatı ilə çıxış etmişdi. Azərbaycandakı seçkilərin standartlara uyğun gəlmədiyini və sizə məlum olan tənqidləri orada səsləndirmişdi.
Ondan sonra V.Qrossruk dərhal ATƏT-in o zaman fəaliyyətdə olan sədri Kanat Saudabayevə şikayət məktubu ilə müraciət etmişdi. Məktubda həmin institutun parlament as-sambleyalarının nümayəndə heyətlərinə kömək etmədiyini, birtərəfli işlədiyini, müəyyən qrupların maraqlarına xidmət etdiyini və Azərbaycanın müvafiq dövlət qurumları, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıqdan qaçdığını, ATƏT-in daxili institutlarının bir-birinə zidd mövqeyinin ümumilikdə ATƏT-in nüfuzuna xələl gətirdiyini qeyd etmişdi.
V.Qrossruk bu hesabatında da həmin mövqeyini davam etdirdi. O, ilk olaraq bildirdi ki, Azərbaycanda parlament seçkiləri bütün siyasi partiyaların iştirakı ilə azad, demokratik və sülh şəraitində baş tutmuşdur və bu seçki prosesi ölkədə demokratiyanın inkişafında irəliyə doğru addım kimi dəyərləndirilməlidir. Seçki prosesi yaxşı təşkil edilmiş, hökumət qurumları beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş və bütün müşahidəçilərə seçkini sərbəst izləmək üçün hər cür şərait yaradılmışdır. Ümumiyyətlə götürüldükdə seçki prosesi ölkə qanunvericiliyinə uyğun şəkildə keçirilmiş və müsbət qiymətləndirilir. Bununla belə, demokratiyanın inkişafı sahəsində iş aparmaq lazımdır. Bu zaman Qrossruk belə söylədi: “Biz özümüzü müəllim kimi aparmamalı, bərabər hüquqlar əsasında Azərbaycana demokratik dövlət quruculuğunun inkişaf etdirilməsində kömək etməliyik. Bizim vəzifəmiz yuxarıdan aşağıya baxmaq deyil, dostcasına kömək etməkdir. Fikirlərini sərbəst ifadə etmək üçün isə, əlbəttə ki, müxalifətin imkanları genişləndirilməlidir.”
Ümumilikdə, o, Azərbaycanda keçirilən seçkiləri demok-ratik və irəliyə doğru bir addım kimi dəyərləndirdi. Əlbəttə ki, bu bizi çox qane edir. Təbii ki, bu, Azərbaycanda olan real vəziyyəti göstərirdi. Əsas bizi sevindirən cəhət ondan ibarət idi ki, biz tənqid olunacağımızı gözləyəcəyimiz halda, əksinə, seçkinin həddindən artıq yüksək səviyyədə keçdiyi söylənildi. Parlamentarilər bir-birinin ardınca Azərbaycandakı seçkilərin yüksək səviyyədə keçdiyini söylədilər. İlk olaraq Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Koz-lovski çıxış etdi. Kozlovskinin çıxışını bilmirəm, İctimai te-leviziya Azərbaycanda çatdırdı-çatdırmadı, kifayət qədər səriştəli bir çıxış idi. O təkcə budəfəki seçkilərdə deyil, həm də 2005-ci ildə də eyni hadisənin Azərbaycanda baş verdiy-ini və o zaman missiyanın rəhbəri Hastinqin də eyni qaydada Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun məruzəsini, onun hazırladığı hesabatı oxuduğunu və parlamentarilərin rəyinin nəzərə alınmadığını, bunun çox zərərli bir meylə çevrildiyini, ümumiyyətlə, ATƏT-in fəaliyyətini və müşahidəsini mənasızlaşdırdığını söylədi.
Onun dalınca Qazaxıstanın nümayəndəsi Kasımcomərt Tokayev çıxış etdi. Sonra Amerika Birləşmiş Ştatlarının nümayəndəsi K.Smit belə bir təkliflə çıxış etdi ki, nə qədər ki parlamentdə bu mübahisələr gedəcək, biz normal müşahidə həyata keçirə bilməyəcəyik. Ona görə təklif elədi ki, gəlin, bir qrup yaradaq. Bu qrup institutun və ayrılıqda Parlament Assambleyasının bu istiqamətdə fəaliyyətini araşdırsın, hesabat təqdim eləsin və biz bu institut haqqında bir qərar qəbul edək. Onun ardınca İrlandiyanın nümayəndəsi O.Silivan eyni mövzuda çıxış elədi. Görəndə ki, artıq müzakirə tənqidi ruhda deyil, Azərbaycanda mövcud durumu müsbət mənada qələmə verir, onda müzakirələrin kəsilməsini təklif etdilər. Ümumiyyətlə, mən bu müzakirəni ATƏT regionunda keçirilən seçkilərə həsr olunmuş müzakirələrin ən yaxşısı hesab edirəm. Düşünürəm ki, biz buna layiqik, biz bunu əldə etmişik, bu bizim işimizin nəticəsidir. ATƏT buna görə bizə güzəşt etməyib, ATƏT bunu deməklə heç də bizi həvəsləndirmək istəməyib. Demokratik seçki keçirmək bizim hədəfimizdir və Azərbaycan bunun üçün lazım olan bütün addımları atıb.
Mən bu müzakirəni ATƏT daxilində struktur islahatlarına başlamaq üçün ciddi bir təkan hesab edirəm, çünki çox ciddi ölkələrin nümayəndələri çox ciddi təkliflər verdilər. Söylədilər ki, daha belə davam edə bilməz, ayrı-ayrı ölkələrə birtərəfli və qərəzli münasibət ATƏT-i nüfuzdan salır. Ona görə də biz ATƏT daxilində ciddi struktur dəyişikliyinə getməliyik.
Bizim mövqeyimiz ondan ibarət oldu ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu direktorunun fəaliyyəti, Ajubalisin elan etdiyi kimi, vaxtının uzadılması kimi dəyərləndirilməməlidir. Bu vəzifə açıq elan olunmalıdır, hər bir ölkə öz nümayəndəsini təklif etməlidir və səlahiyyət müddəti bitmiş direktorun yerinə yenisi seçilməlidir. Bu bi-zim mövqeyimizdir və bunu açıq şəkildə ortaya qoyduq.
Mən Azərbaycan nümayəndə heyətinin qış sessiyasındakı fəaliyyətini çox müsbət dəyərləndirirəm və sizi də bütün səviyyələrdə bunu müdafiə etməyə çağırıram. ATƏT-in Par-lament Assambleyasında Azərbaycanın tənqid olunacağını gözləyənlər və öz siyasi maraqlarını güdənlər rahat otur-sunlar. ATƏT-də artıq bu institutun fəaliyyəti ilə bağlı çox düzgün narazılıqlar var və o institutla işləyən təşkilatlar da öz işlərinə bir sərt nəzər yetirsinlər. Diqqətinizə görə çox təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım çox ətraflı danışdı, ancaq mən bir şeyi yada salmaq istəyirəm. Bu institutun rəhbərliyi bir yox, iki dəfə də dəyişsə, institutun xətti dəyişməyəcək. Mən seçkiqabağı müşahidə missiyasının rəhbəri ilə görüşəndə birinci sualım o oldu ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal bir müşahidə aparacaqsınız? Dedi ki, yox, nə danışırsınız, bizim heç vaxt hazır reseptimiz olmur.
Ancaq biz illər boyu görürük ki, bu institut həmişə hazır reseptlə gəlir. Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının qərarları bir tərəfdə qalır, 10–12 saat danışıq aparırlar, sonra əvvəldən hazırladıqları hesabatla öz fikirlərini deyib, gedirlər. Ona görə, Ba-har xanım, mənim inamım yoxdur ki, institutun direktoru dəyişəndə bunlar dəyişəcək. Çox sağ olun. Bahar xanıma imkan yaratdıq ki, ATƏT-in qış sessiyası ilə bağlı ətraflı məlumat versin.
İndi gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsidir. Buyursun Elmira Süleymanova.
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, icazə verin, hamınızı salamlayım, namizədliyimi bu vəzifəyə təkrarən təqdim etmiş Azərbaycan Respublikasının Prezi-denti cənab İlham Əliyevə, habelə səs verməklə məni dəstəkləyən millət vəkillərinə öz minnətdarlığımı bildirim.
İnsan hüquqlarının müdafiəsinə xidmət etmək şərəfli və andlı vəzifədir. Tam əmin ola bilərsiniz ki, artıq 8 ildir ki, bu vəzifədə səlahiyyətlərimi qanunun aliliyini rəhbər tutaraq müstəqil və qərəzsiz, ayrı-seçkiliyə yol vermədən, aşkarlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun olaraq həyata keçirirəm və Azərbaycanın yurisdiksiyasında olan hər bir kəsin hüquqlarının müdafiəsi işinə xidmət etməkdəyəm. Bu im-kandan istifadə edərək hər birinizi təkrarən və ya ilk dəfə Milli Məclisin deputatı seçilməyiniz münasibətilə təbrik edirəm və fəaliyyətinizdə, o cümlədən ombudsmanla əməkdaşlığınızda uğurlar arzulayıram.
Ötən ilin nəticəsinə gəldikdə illik məruzə Konstitusiya Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada hər birinizə təqdim olunmuşdur. Eyni zamanda, ondan əvvəl ölkə Prezidentinə və Milli Məclisə göndərilmişdir. Ötən ilin nəticəsi barədə ətraflı məlumat vermək, əlbəttə, 30 dəqiqəyə sığmaz. Odur ki, vaxtın azlığını nəzərə alaraq sizə yalnız qısa məlumat vermək istərdim.
Bütövlükdə 2010-cu il ölkəmiz üçün uğurlu olmuşdur. Dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəmizdə sosial-iqtisadi göstəricilərin artımı sürətli inkişafın məntiqi davamı, həyata keçirilən düşünülmüş, ardıcıl siyasətinin nəticəsidir. Əhalinin rifahının yüksəldilməsinə istiqamətlənmiş sosial-iqtisadi və hüquqi siyasətin həyata keçirilməsi, yoxsulluğun səviyyəsinin 9,1 faizə qədər azalmasına imkan vermişdir.
BMT-nin insan inkişafına dair son hesabatına görə, ölkəmiz 101-ci yerdən 67-ci yerə yüksəlmişdi. İnsan inkişafı indeksinin orta illik tempinə görə isə respublikamız keçmiş sovet ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olmuş və “orta insan inkişafı” qrupunu tərk edərək “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur.
Milli Məclisə keçirilmiş seçkilər də qeyd edilən bu uğurların tərkib hissəsidir. Seçkilərə hazırlıq dövründə və səsvermə prosesində əməkdaşlarımızla birlikdə Bakı şəhəri və ölkənin 46 rayonunda 105 seçki dairəsi üzrə müşahidəçi qismində iştirak etmişik. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, penitensiar müəssisələrində səsvermə proseslərini izləmişik. Seçkilər ərəfəsində ölkə üzrə keçirdiyimiz geniş maarifləndirmə tədbirləri öz nəticələrini, səmərəsini vermişdir. Ürək-açan haldır ki, Milli Məclisə 20 qadın deputatı seçilmiş və onların sayı 16 faiz artmışdır. Bu da Avropa ölkələrinin çoxunda olan orta göstəricilərə uyğundur.
Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və uğurla davam etdirilməsi də göz qabağındadır. Bu planın təbliği və tətbiqi vəziyyətinə monitorinq məqsədi ilə ölkənin 58 şəhər və rayonunda icra strukturlarının, bələdiyyələrin, prokurorluğun, hakimlərin, polis orqanlarının, demək olar ki, bütün dövlət qurumlarının iştirakı ilə geniş müzakirələr keçirilmiş və uğurlu ictimai dinləmələr olmuşdur.
Milli Məclisdə birinci səsvermədən keçmiş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2010-cu il 21 dekabr tarixli Konstitusiya qanununa əsasən, insan hüquqları pozuntularının qarşısının alınması, müvəkkilin işgəncələrə qarşı milli preventiv mexanizmi qismətində fəaliyyətinin əsasları, habelə informasiya sahibi olan dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsinə nəzarət yenə də ombudsman təsisatına, müvəkkilə tapşırılmışdır. Bu da onun müstəqilliyinin təmin olunması, səlahiyyətlərinin artırılması üçün geniş imkanlar yaratmışdır. Bununla bağlı təsisatın təkmilləşdirilmiş strukturunun ştat cədvəli və əsasnaməsinin layihəsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Ötən il də fəaliyyətimiz əsas etibarilə dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. 2010-cu ildə şikayətlərin sayı əvvəlki illərlə müqayisədə 32,5 faiz artmış və 11 min 660-a çatmışdır.
Müraciətlərin ildən-ilə artmasının səbəbi əhali tərəfindən müvəkkilə və təsisata olan inamın, habelə məlumatlılığın artması, regional mərkəzlərin səmərəli fəaliyyəti, əhali arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsi, yerlərdə çoxsaylı görüş və qəbulların keçirilməsi, ictimai dinləmələrin təşkil edilməsi, azadlıqdan məhrumetmə yerlərinə, hərbi hissələrə, məcburi köçkünlərin yaşadığı qəsəbələrə, sosial müdafiə, səhiyyə və təhsil müəssisələrinə çoxsaylı baxışların keçirilməsi və işgəncələr əleyhinə çevik araşdırma qrupunun və uşaqlara qarşı zorakılıq üzrə 916 nömrəli qaynar xəttin fəaliyyətinin davam etməsi olmuşdur. Bu müraciətlərin 84,2 faizi şikayətlərdən ibarət olmuşdur. Şikayətlərin 51,2 faizi qanuna uyğun olaraq icraata alınmış və bunların da 52,6 fai-zi təmin olunmuşdur.
Şikayətlərin təhlili göstərmişdir ki, vətəndaş müraciətlərinin cavabsız və nəticəsiz qalması bir sıra digər hüquqların da pozulmasına səbəb olub. Şikayətlərdə əksini tapmış məlumatların yoxlanılması aidiyyəti dövlət orqanlarına göndərilmiş, sorğu və müraciətlər əsas etibarilə təmin olunmuşdur. Lakin bəzən həqiqətə uyğun olmayan qeyri-səmimi, formal cavablar verilmişdir. Həmçinin şikayətlərin təqib edilməsi və yaxud yazdıqları şikayətlərdən ən müxtəlif yollarla – hədə-qorxu, ya da onları ələ almaqla imtina edilməsi mövcud hallardır. Bu da onu göstərir ki, insan hüquqlarını təmin etmək birbaşa onun vəzifə borcu olan bəzi vəzifəli şəxslər qanuna əməl etməməklə öz vəzifələrini layiqincə icra etmirlər və bu da nəticədə vətəndaşlarda narazılığın, inamsızlığın yaranmasına səbəb olur.
Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər nəticəsində əldə edilən uğurlar korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizəni gündəmə gətirmişdir. Artıq dövlət səviyyəsində daha güclü, sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində ölkəmizdə ictimai nəzarətin gücləndirilməsini, bü-tün sahələrdə şəffaflığın təmin edilməsini, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə struktur və institusional islahatların aparılmasını bir vəzifə olaraq qarşımıza qoymuşdur. Daxil olmuş 1041 şikayətdə korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə kimi hallar öz əksini tapmışdır. Bunlar təsdiq edildiyi təqdirdə günahkar şəxslərin cəzalandırılması ilə bağlı bir çox müraciətlər rəsmi strukturlara göndərilmişdir. O cümlədən Baş Prokurorluğa müraciət olunmuş və onların qarşısında səlahiyyətlərinə uy-ğun müvafiq məsələlər qaldırılmışdır.
Sosial-iqtisadi həyatın ən müxtəlif sahələrində, məsələn, qanunsuz tikililərin aparılması prosesində, təhsil müəssisələrində, qeydiyyat və notariat orqanlarında, mənzil-istismar sahələrində, icra hakimiyyətlərinin yerlərdəki nümayəndəliklərində, tibbi-sosial ekspert komissiyalarında, Dövlət Yol Polisində, kommunal sahələrdə rüşvət halları, əslində, qa-nunla nəzərdə tutulan və bilavasitə vəzifəsi olan xidmətlərə görə əlavə haqqın alınması müşahidə olunmuşdur. Bir sıra şikayətlərin, habelə əhali ilə görüş və monitorinqlərin nəticəsinin təhlilinə gəldikdə isə ötən dövrlərdə dəfələrlə dövlət rüsumlarının, cərimələrin və göstərilən xidmətlərin məbləğ ilə bağlı məlumatların görünən yerdən asılması məsələsi qaldırılmışdır. Təqdirəlayiq haldır ki, bütün rüsum və tariflər barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya tərəfindən ilk vahid informasiya mənbəyi olan internet portalı fəaliyyətə başlamışdır. Ali və orta təhsil müəssisələrində yol verilən rüşvət halları təhsilin inkişafına, keyfiyyətin artmasına, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, tələbə-müəllim münasibətlərinin saflığına mənfi təsir göstərir. Bunların qarşısını almaq məqsədi ilə biliyin test vasitəsilə qiymətləndirilməsi tövsiyə olunmuşdur. İnsan hüquqlarının da-ha səmərəli müdafiəsi məqsədi ilə penitensiar müəssisələrdə, orduda, həmçinin sosial müdafiə, təhsil, səhiyyə və həyatın digər sahələrində ictimai nəzarətin qurulması tövsiyə olunmuşdur.
Məlum olduğu kimi, penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi tətbiq olunur və uğurla qarşılanır. Ötən illərdə orduda da ictimai nəzarətin tətbiqi ilə bağlı müəyyən imkanlar yaransa da, bu haqda nə qanunvericilik aktları, nə də normativ hüquqi aktlar var. Praktiki olaraq müntəzəm, sistemli iş aparılmamışdır. Təhlillər göstərir ki, bütün sahələrdə mərkəzi dövlət qurumları tərəfindən yerli struktur bölmələrinə nəzarət gücləndirilməlidir. Təsisatın 17 əməkdaşından ibarət milli preventiv mexanizm qrupu azadlıqdan məhrumetmə, habelə azadlığın məhdudlaşdırılması yerlərinə ötən il 396 baxış keçirmişdir. Nəticələr qeydiyyatdan keçir və müvafiq təşkilatlara, orqanlara müraciətlər edilir. Yeri gəlmişkən, dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı amnistiya haqqında tövsiyəmi vermişəm. Ümidvaram ki, ona dəstək verəcəksiniz.
Daxili İşlər Nazirliyinə və onun yerli orqanlarına 1900 şikayət üzrə 529 sorğu göndərilmişdir. İnsan hüquqlarının pozulması ilə bağlı 174 fakt qeydə alınmış, həmin hərəkətlərə yol vermiş 276 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 18 nəfəri orqanlardan xaric edilmiş, 20 əməkdaş tutduğu vəzifədən azad olunmuş, 238 nəfər barəsində isə müxtəlif inzibati tədbirlər görülmüşdür. O cümlədən həmin nazirliyə bilavasitə müraciətlərimizlə bağlı yoxlamalar nəticəsində 14 fakt üzrə polis əməkdaşları tərəfindən qanunvericiliyin və insan hüquqlarının pozulması müəyyən edildiyinə görə 41 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 2 əməkdaş orqanlarda xidmətdən xaric edilmiş, 6 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 3 əməkdaşa isə başqa növ intizam tənbehi verilmişdir. Bunlardan 7 nəfəri rəhbər vəzifəli şəxslərdir. Nazirliyin məlumatına əsasən, işgəncə və qeyri-insani rəftarla bağlı şikayətlərdə göstərilmiş halların yoxlanılması ilə bağlı müvəkkil tərəfindən həmin quruma göndərilmiş 34 müraciət əsasında aparılmış xidməti tədqiqatlar təsdiqlənməmişdir. Eyni zamanda, vətəndaşları polisə əsassız gətirdiklərinə, onlara qarşı kobud rəftar və digər hallara görə 30 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 2 nəfər orqanlarda xidmətdən xaric edilmiş, 4 nəfər tutduğu vəzifədən azad olunmuşdur.
Mətbuat xidməti tərəfindən müvəkkilin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə davamlı olaraq məlumatlar verilir. Yeri gəlmişkən, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizminin ilk 2 illik hesabatı artıq hazırdır. ATƏT-in dəstəyi ilə kitab şəklində çap olunandan sonra ictimaiyyətə, sizlərə təqdim olunacaq və ingilis dilində müvafiq təşkilatlara göndəriləcəkdir.
Qeyd edilməlidir ki, ölkənin şəhər və rayonlarında polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə hüquqi maarifləndirmə işi aparılır, BMT-nin müvafiq konvensiyası və onun fa-kültativ protokolundan, habelə onun icrası ilə bağlı ölkə Pre-zidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi zərurəti onların diqqətinə çatdırılır. Ölkənin həmin şəhər və rayonlarının polis orqanlarının binalarında yerləşdirilən təsisatın qaynar xəttinin nömrələrindən işgəncələr haqqında məlumat dərhal ombudsmana ötürülür. Bu elanlar özü də müsbət rol oynayır. Şikayətlərin təhlili göstərir ki, müraciətlərə baxılmasına, cinayət işlərinin istintaqının gedişi ilə bağlı cinayət prosesinin tərəflərinin məlumatlandırılmasına diqqət artırılır, həmin faktları törədənlər cəzalandırılırlar.
Ötən il respublikanın məhkəmə sistemində köklü islahatlar aparılmışdır. Paytaxtda və bölgələrdə ağır cinayətlər, habelə inzibati-iqtisadi məhkəmələrin təşkil olunması, məhkəmə həkimlərinin sayının 120-dən 600 nəfərə qədər artırılması müsbət həll olunmuş və razılıqla qarşılanır. Lakin ölkə üçün hakimlərin sayının artırılmasına hələ də ehtiyac vardır. İnanıram ki, bu proses davam etdiriləcəkdir. 1306 şikayətdə hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı hallar öz əksini tapmış və Məhkəmə – Hüquq Şurasına müraciət olunmuşdur. Fəaliyyətində yol verdiyi ciddi qanun pozuntuları və digər nöqsanlara görə 8 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, Xızı, Daşkəsən, Goranboy, Yardımlı, Neftçala, Ağdaş, Qobustan və Naftalan rayonlarında vəkil və hüquq məsləhətxanalarının olmaması əhali üçün problem yaradır. Həmçinin Xızı rayonunda dövlət notariusunun olmaması ilə bağlı narahatlıqlar bildirilir. Biz də bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etmişik.
Yeri gəlmişkən, ədliyyə orqanlarında qanun pozuntusuna və işində yol vermiş digər nöqsanlara görə ötən il 4 nəfər barədə materiallar prokurorluğa göndərilmiş, 220-dən çox ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 26 nəfər vəzifədən azad edilmiş və ədliyyə orqanlarından xaric edilmişdir. Prokurorluğa göndərilmiş materialların əsasında isə, yenə də deyirəm, onu törədən tanınmış vəzifəli şəxslərə və ümumiyyətlə, icraçılara qarşı hər hansı bir tədbir tətbiq olunmamışdır. Ötən dövrdə məhkəmə qərarlarının icrası ilə bağlı daxil olmuş 616 şikayətin təhlili göstərir ki, bir sıra hallarda icra işində süründürməçiliyə yol verilmişdir. Bu da ədalət mühakiməsinə mənfi təsirini göstərməkdədir. İşə bərpa, əmək haqqı və son haqq-hesab, mənzil, torpaq və aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi, yaxud gec icra edilməsi narahatlığa səbəb olmuşdur. Bəzi hallarda isə müraciətlərimiz burada müsbət həllini tapmışdır.
Jurnalistlərin hüquqlarının müdafiəsinə, söz və ifadə azadlığının təmin olunmasına xüsusi diqqət verilmiş, törətdikləri əməl uyğun olaraq cəza müəyyən edildikdə onlara azadlıqdan məhrumetmə əvəzinə dünya təcrübəsində tətbiq edilən alternativ vasitələrə üstünlük verilməsi tövsiyə edilmişdir. Bunlar da cərimə, rəsmi təkzib vermə və ya üzr istəmə, qəzetin müvəqqəti olaraq bağlanması kimi halları özündə ehtiva edir. Məlum olduğu kimi, Adnan Hacızadə və Emin Abdullayev artıq məhkəmə qərarları ilə həbsdən azad edilmişlər.
Səhiyyə sahəsində həyata keçirilən tədbirlər aztəminatlı təbəqələrin, habelə xüsusi qayğıya ehtiyacı olan vətəndaşların dövlət hesabına ixtisaslaşdırılmış tibbi yardımla təmin olunmasına, əhalinin sağlamlığının qorunması sahəsində zəruri profilaktik tədbirlərin həyata keçirilməsinə böyük im-kanlar yaratmışdır. Bir sıra şəhər və rayonlarda, məcburi köçkün qəsəbələrində yeni, müasir diaqnostika və çox ehti-yac olan hemodialez mərkəzləri fəaliyyət göstərməkdədir. Əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmiş akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi də artıq ürək qüsuru ilə yaşayan uşaqlara böyük dəstək olacaqdır.
Sağlamlığın qorunması hüququ ilə bağlı 275 şikayət daxil olmuş, görülmüş tədbirlər nəticəsində həmin vətəndaşların bir çoxuna köməklik göstərilmişdir. İstər Bakıda, istərsə də respublikanın şəhər və rayonlarının doğum evlərində ana və körpələrin sağlamlığına lazımi diqqət yetirilməməsi tibb müəssisələrinin gəlir mənbəyinə çevrilməsi ilə nəticələnmişdir. Belə bir şəraitdə pasiyentlərin hüquqları haqqında qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəsi və qəbulu böyük əhəmiyyət kəsb edir. Odur ki, həm Bakı şəhərində, həm də respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən səhiyyə orqanlarının, habelə dövlət səhiyyə müəssisələrinin işinə nəzarətin gücləndirilməsi, burada göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, nəzərdə tutulmayan pullu xidmətlərin qarşısının alınması zəruridir. Səhiyyə Nazirliyi kollegiyasının qərarına əsasən xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 rəhbər işçisi tutduğu vəzifədən azad edilmiş, 54 nəfər məsul işçi barəsində isə intizam tənbehi tətbiq edilmişdir.
Təhsil hüququnun pozulması ilə bağlı 341 şikayət daxil olmuşdur. Hər bir şikayət üzrə araşdırma, zəruri hallarda isə monitorinqlər aparılmış, təhsil sahəsində bir sıra problem təhlil edilmiş və müvafiq tövsiyələr verilmişdir. Bakıdakı 3 orta məktəbin şagirdlərinin iştirakı ilə ilk dəfə olaraq pilləli, uşaq haqları tədrisi proqramları həyata keçirilmişdir. Bu proqram nəinki bizim ölkəmizdə, həm də Avropada çox geniş şəkildə dəstəklənir. İlk dəfə olaraq həmin məktəblərin hər birində müntəzəm fəaliyyət göstərən “Uşaq hüquqları tədrisi mərkəzi” yaradılmışdır. Təhsil sistemində davamlı inkişafa, əsaslı infrastruktur dəyişikliklərinə, informasiya-kommunikasiya texnologiyalarına verilmiş önəmin nəticəsidir ki, bu gün Azərbaycanda hər 20 şagirdə 1 kompüter düşür. Bu proqram çox intensiv tərzdə həyata keçirilməkdədir.
Baxmayaraq, ölkədə xeyli yeni məktəblər tikilir, yenə də monitorinq göstərir ki, 200-dən çox məktəb binasının əsaslı təmirinin sürətləndirilməsinə, məktəbəqədər yaşlı uşaqların müvafiq təhsillə əhatə olunması sahəsində problemlərin həllinə ehtiyac var. Bəzi kənd və qəsəbələrdə əhalinin azlığına görə məktəblər birləşdirildiyi zaman çox diqqətli olmaq lazımdır ki, 13–17 yaşlı qız və oğlanların təhsildən kənarda qalmasına yol verilməsin. İnternat məktəblərində tərbiyə alan və müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsinə, iş və yaşayış yeri ilə təmin edilməsinə və buna yönəlmiş məqsədli dövlət proqramlarının qəbul olunmasına da diqqət yetirilməlidir.
Yeri gəlmişkən, ötən il Bakıdakı 10 məktəbin direktoru işdə yol verdikləri nöqsana görə tutduqları vəzifədən azad olunmuş, 6 məktəbin direktoruna müxtəlif dərəcəli töhmət verilmiş, 146 məktəbin direktoruna xəbərdarlıq edilmişdir. Təhsilin təkmilləşməsi prosesi davam etdirilməkdədir.
Ölkəmizdə aztəminatlı ailələrin gəlirlərinə müvafiq uzunmüddətli və sosial yönümlü ipoteka kreditlərinin verilməsi vasitəsilə əhalinin, xüsusilə də gənc ailələrin problemlərini həll etmək olardı. Bu zaman ümumilikdə 1600... Yeri gəlmişkən, ötən il də bu problemin həlli ilə bağlı tədbirlər olub. Ötən dövrdə Kür–Araz çaylarında baş vermiş daşqınlar nəticəsində 1617 ev qəzalı vəziyyətə düşmüş, təsərrüfatlara ziyan dəymişdir. Görülmüş təcili tədbirlər nəticəsində 1500 yeni ev tikilmiş, 3375 ev təmir olunmuş, qalanlarına isə təmir üçün vəsait verilmişdir.
Mülkiyyətin icbari sığortalanması ilə bağlı əhali arasında maarifləndirmə işi aparılmışdır. Bu baxımdan müvafiq qa-nunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsinin də vaxtı çatmışdır. Bakı şəhərinin Südçülük sovxozu, “Alatava”, “Zığ” və digər 13 yaşayış məntəqəsində texniki inventarlaşma işlərinin aparılması, özbaşına tikililərin qeydiyyatı problemləri gündəmdədir. Çünki orada yaşayan çoxsaylı insanlar öz hüquqlarından tam istifadə edə bilmirlər. Bununla paralel ola-raq, eyni zamanda, məcburi köçkünlər tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində bu gün də davam edən prosesin, məsələn, “Yeni Yasamal” yaşayış massivindəki çoxsaylı qa-nunsuz tikililərin qarşısı vaxtında alınmalıdır ki, sonradan bunların dağıdılması böyük etirazlara səbəb olmasın.
Hərrac üçün torpağın ilkin qiymətinin, habelə hərrac komissiyalarının formalaşması, eyni zamanda, torpaqların hərraca çıxarılması zamanı münbitliyin nəzərə alınması üzrə mexanizmlər hazırlanmalıdır. Ötən dövr insan hüquqlarının müdafiəsinə və təşviqinə həsr edilmiş bir sıra önəmli tədbirlər təşkil olunmuşdur. Bu, hesabatda var, ona görə mən, icazənizlə, bunun üzərində dayanmayım. Bir onu demək istəyirəm ki, bildiyiniz kimi, keçən il ölkə Prezidenti tərəfindən “Ekologiya ili” elan olunmuşdu və bununla bağlı ölkə miqyasında böyük tədbirlər keçirildi. O da insan hüquqları aylığı idi.
Nəhayət, “18 iyun – Milli insan hüquqları günü”ndə Bakıda ombudsmanların böyük beynəlxalq konfransı keçirildi və Bakı Bəyannaməsi qəbul edildi. Ötən il insan hüquqları və azadlıqlarının səmərəli təmin edilməsinə, əhalinin qayğıya daha çox ehtiyacı olan qruplarının, o cümlədən qadın, ahıl, uşaq, əlil, qaçqın, məcburi köçkün, məhkum və hərbi qulluqçuların sosial problemlərinin həllinə yönəlmiş bəzi təkliflər müxtəlif qanunvericilik aktlarında öz əksini tapmış və böyük əksəriyyəti təmin olunmuşdur. Bununla yanaşı, insan hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə mövcud problemlərin həllinə yönəlmiş çoxsaylı tədbirlər görülməlidir.
Hörmətli millət vəkilləri, ölkə Prezidentinin sözləri ilə desək, “əgər biz, doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq”. Bu məqsədlə mən hamınızı birgə, səmərəli əməkdaşlığa dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Hörmətli millət vəkilləri, çıxış üçün 23 nəfər millət vəkili yazılıb. Təklif gəlir ki, çıxışları 5 dəqiqə edək, çünki bilirsiniz, beşinci iclasımız hökumətin hesabatıdır. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Zahid Oruc.
Z. Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən bi-rinci növbədə qeyd etmək istəyirəm ki, ombudsmanın məruzəsi ötən dövr ərzində Azərbaycanda insan haqları və azad-lıqlarının qorunması sahəsində görülmüş işləri dolğun əks etdirir. Bu məruzə əsasında ölkədə baş verənləri, xüsusi olaraq da insanların azadlıq indeksini, onların ümumi fəaliyyətini qiymətləndirmək olar. Xüsusi vurğulamaq istəyirəm ki, bundan əvvəlki dövrlərlə müqayisədə sənəd daha ətraflı və daha tənqidi ruhda hazırlanıb. Bu onun çox təqdirəlayiq cəhətidir.
Parlamentin iki qurumla əlaqəli mexanizmi var. Biri He-sablama Palatasıdır, biri də bu cür məruzələr əsasında fəaliyyətini quraraq öz təsirini hökumət və dövlət strukturları üzərində göstərməsidir. Açığı, mən hələ xatırlamıram ki, bu cür məruzələrdən sonra parlament xüsusi olaraq hansısa qu-ruma yönəlik bir addım atmış olsun. Ona görə də mən düşünürəm ki, biz, sadəcə, fəaliyyəti qiymətləndirməklə işimizi bitmiş saymalı deyilik. Bu sənəd, ümumiyyətlə, hökumət və dövlət strukturları ilə birgə müzakirə olunmalı, oradakı təkliflər və tənqidi qeydlər də sonrakı dönəmdə nəzərə alınmalıdır. Parlament bununla özünü bir dövlət institutu, ciddi bir hakimiyyət qolu kimi göstərə bilər. Başqa cür, sadəcə, ictimai rəy mexanizmi ilə, tənqidlə, məzəmmətlə hansısa problemləri və ya bəzən cinayət xarakterli məsələləri orta-dan götürmək mümkün deyil. Bu mənim prinsipial mövqeyimdir.
Bir neçə sahədə insan haqlarının təmin olunması ilə bağlı tənqidi qeydləri bölüşərək onları bir az da dərinləşdirmək istəyirəm. Mənzil hüququnun həyata keçirilməsində vətəndaşların qarşılaşdıqları çətinlikləri, xüsusilə də yeni mənzil tikintisi ilə bağlı şirkətlərin çox ciddi xətalara, bir sıra hal-larda cinayətlərə yol verməsini qeyd etməliyik. Baxın, indi müəyyən şirkətə qarşı cinayət təqibi başladılıbdır. Axı buna qədərki dövrdə vətəndaşların bu cür kütləvi aldadılmasında müvafiq qurumların da məsuliyyəti var. Düşünürəm ki, bu, məruzədə qeyd oluna bilərdi.
Başqa bir məsələ. Keçmişdə tikilmiş evlər və onların qeydiyyata alınmaması burada 41-ci səhifədə vurğulanıbdır. Ombudsman çox haqlı olaraq təklif edir ki, bu evlər vətəndaşların xeyrinə qeydə alınsın. Mən Milli Məclisin builki yaz sessiyasının elə ilk iclasında da qeyd etmişdim ki, ciddi bir sosial amnistiya qərarına ehtiyac var. Xarici ölkələrin də təcrübəsinə istinad eləsəniz, görəcəksiniz ki, orada da insan bir evdə 10 ildən artıq yaşayırsa, o evin həmin insanın xeyrinə leqallaşdırılması, rəsmiləşdirilməsi baş verir. Mən hesab edirəm ki, kütləvi hal almış bu məsələnin həlli çox faydalı olardı.
Həbsxanalarla bağlı tənqidi qeydləri mən də bölüşürəm. Hesab edirəm ki, biz azadlıqdan məhrum edilmiş insanların həbsxanalarda həyat şəraiti ilə maraqlanmaya bilmərik. Kimsə düşünürsə ki, bu insanlarla bağlı problemlər dəmir barmaqlıqlardan o yanadır, səhv edir. Çünki onlar islah ol-unub qayıtmalıdırlar. Bir sıra hallarda elə bu məruzədə də deyildiyi kimi, onlar əlavə cinayət elementləri ilə zənginləşib cəmiyyətə dönürlər.
Burada hicabla bağlı bir müddəa var. Mənə aydın deyil, ombudsman nə təklif edir. Mənə elə gəldi ki, bu, hicabın müdafiəsinə yönəlik bir mövqedir.
Vətəndaşlıq məsələsi ilə bağlı təklif var. Düşünürəm ki, bu da təhlükəli görünə bilər. Çünki keçmişdə, – söhbət sovet dönəmindən gedir, – Azərbaycanda yaşamış insanların hamısına vətəndaşlıq verilməsi və bu prosedurun sadələşdirilməsi istənilir. Bunun bəlli ölkələrdən, lap qonşu Gürcüstan-dan azərbaycanlıların axınına səbəb olacağı şübhə doğurmur.
Yeni Mənzil Məcəlləsi qəbul olunub. Mənzil-istismar sahələri havada qalıbdır. Bizim yeni Mənzil Məcəlləsi MİS-ləri inkar edir. Tamam yeni qurum yaranmalıdır. MİS-lər qeyri-qanuni fəaliyyət göstərməkdədirlər.
Hesab edirəm, bir çatışmazlıq da xarici qurumların Azərbaycanda insan haqları ilə bağlı vəziyyət barədə verdikləri rəylərin bu sənəddə nəzərə alınmamasıdır.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən ilk öncə ombudsman Elmira xanımın şəxsində Milli Məclisin bütün qadınlarını qarşıdan gələn 8 Mart bayramı münasibətilə təbrik edirəm.
Ombudsmanın hesabatı ilə bağlı mən düşünürəm ki, bu məsələyə üç baxımdan yanaşmaq lazımdır. Birinci odur ki, burada çox dəyərli təkliflər var. Xüsusilə məhkumların vəziyyəti, yemək və ərzaq məsələləri, cəzaların təsbiti ilə bağlı məsələlər üzrə təklifləri Milli Məclis nəzərə alıb müzakirəyə çıxarmalıdır.
İkinci tərəfdən, burada göstərilən fəaliyyətlə bağlı cəsarətli tezislər var. O tezislərin birini mən xüsusilə qeyd etmək istəyirəm. Bu hesabatda mənim diqqətimi cəlb edən polis, prokuror, hakim həmrəyliyi nəticəsi olaraq cəzalar şəbəkəsinin kifayət qədər genişləndirilməsi ilə bağlı olduqca vacib müddəadır. Digər tərəfdən, göndərilən müraciətlərə başdansovdu cavabların verilməsi və bu cavabların heç də qaneedici olmaması, azadlıqdan məhrumetmə cəza növlərinin daha artıq olması ilə bağlı müddəalar yer alıb ki, bunlar deyilməli və ortaya qoyulmalı məsələlərdir. Bu məsələlər üzərində mən çox dayanmaq istəmirəm. Amma hesab edirəm ki, Milli Məclis bunları nəzərə almalıdır.
Eyni zamanda, bu hesabatda kifayət qədər ciddi boşluqlar da var. Mən istəyirəm ki, onlara da biz mütləq diqqət yetirək. Bunun üçün birinci təklifim ondan ibarətdir ki, bundan sonra ombudsmanın bir nümayəndəsi Milli Məclisin iclaslarında iştirak eləsin və Milli Məclisdə insan haqlarına dair səslənən təkliflərin qeyd olunması və rəsmi müraciət kimi qəbul olunması məsələsi həll olunsun. Bu təqdirdə, məncə, Milli Məclislə ombudsman aparatı arasında daha effektli münasibətlərin qurulması mümkün ola bilər.
Mən burada toxunulmayan məsələlərdən bəhs eləmək istəyirəm. Birinci növbədə mülkiyyət hüququnun pozulması ilə bağlı müddəalar hesabatda, məncə, daha geniş yer almalı idi. Dövlət ehtiyacının müəyyən olunması məsələsi Azərbaycanda ciddi problemdir. Dövlət tərəfindən hansısa layihə verilir. Bu layihə əsaslandırılıb, əsaslandırılmayıb, kimsəyə dəxli yoxdur. Hətta memarlıq abidələri kateqoriyasına daxil olan evlərin belə sökülməsi məsələsi adi bir hala çevrilib. Məhkəmə qərarı olmadan evin sökülməsi, vətəndaşın mülkiyyətinin zor yolu ilə özgəninkiləşdirilməsi, qəsb olunması bu gün Azərbaycanda ən böyük problemlərdən biridir və bu məsələyə xüsusi diqqət yetirilməlidir.
İkinci, batmış əmanətlərin qaytarılması məsələsinə münasibət bildirmək lazımdır. Ölkədə yaxşı layihələrlə yanaşı, mənasız, effektsiz layihələrin ortaya qoyulduğunu kənardan müşahidə edirik. Amma vətəndaşın 500 milyon manat əmanəti ödənilməli idi, ödənilmədi. Halbuki müəyyən edirdilər ki, bunu əhalinin bütün kateqoriyalarına aid eləmək olmaz. Elə son 10 ildə Azərbaycanda yaşamış şəxslərə şamil edilsə idi, bu problem də öz həllini tapardı.
Sonra, siyasi partiyaların vəziyyəti ilə bağlı məsələ, məncə, ombudsmanın hesabatında əks olunmalıdır. Azərbaycanda siyasi partiyaların fəaliyyət imkanları xeyli məhduddur.
Digər tərəfdən, sahibkarların hüquqlarının pozulması məsələsinə... Ümumiyyətlə, təbəqələrə münasibət bildirilib-dir. Bu gün Azərbaycanda ən acınacaqlı vəziyyətdə olan sa-hibkarlardır. İndi Azərbaycanda özəl sektorda iş yeri tapmaq problemdir. İdeoloji cəhətdən bunu kim necə əsaslandırır əsaslandırsın. Vergi orqanlarının əli ilə sahibkarlar çökdürülübdür. Artıq Azərbaycanda dövlətin öz yükünü yükləyəcəyi orta təbəqə, sahibkarlar təbəqəsi qalmayıb. Obyektləri icarəyə vermək artıq mümkün deyil. İnsanlar kifayət qədər bunun əziyyətini çəkirlər.
Burada korrupsiyaya qarşı mübarizə məsələsinə toxunulubdur. Amma qeyd olunmur ki, korrupsiyaya qarşı mübarizə ən əvvəl inhisarçılığa qarşı mübarizədən başlamalıdır. Bu ölkədə hamı bilir ki, düymə də, kartof da, soğan da, hər şey inhisar altındadır. Bu inhisara qarşı mübarizə aparmadan hər hansı bir şəkildə korrupsiyaya qarşı mübarizə aparmağın heç bir effekti olmayacaq. Birinci bu qaldırılmalıdır ki, azad sahibkar təbəqəsi yaransın. Sahibkar, heç olmasa, 100 nəfərə, 200 nəfərə iş yeri aça bilsin ki, bu iş yerləri sayəsində ölkədə işsizlik problemi öz həllini tapsın.
Bələdiyyələrlə bağlı məsələyə toxunulubdur. Məncə, bu məsələdə ona diqqət eləmək lazımdır ki, bələdiyyələrin lazımi səlahiyyətləri yoxdur. Ümumiyyətlə, mən müsbət rəy verəcəyəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Güman edirəm, 5 dəqiqə deyil, 10 dəqiqədir çıxışımız.
Sədrlik edən. Biz belə qərara gəldik ki, 5 dəqiqədir. Deputatların əksəriyyəti bu qərara gəldi.
İ. Ağazadə. 5 dəqiqə bəs deyil, mən 10 dəqiqə çıxış edəcəyəm. Xahiş edirəm, şərait yaradın. Mən ombudsmanın he-sabatını ciddi şəkildə oxudum. Təəssüf ki, bu, ombudsman hesabatı deyil, hakimiyyətin icra strukturunun bir əlavəsinin ölkədə baş verənlər haqqında yekun xülasəsinə oxşar bir ki-tabçadır. Ombudsman bu şəkildə çıxış hazırlamır. Ombuds-manın proseslərə və problemlərə yanaşması bu şəkildə ol-mur. Ombudsman ən yaxşı halda bizə illik hesabatında qeyd edib ki, maarifləndirmə işi ilə məşğul olmuşuq və ya bu qədər şikayət daxil olub, bu qədər şikayətə baxılıb, 51 faiz şikayət araşdırmaq üçün göndərilib, onun 52 faizi müsbət həll olunub və sair.
Amma ombudsmanın bütövlükdə qruplar üzrə yanaşması var. Mən çox təəccüb edirəm ki, burada vətəndaş və siyasi hüquqların müdafiəsi ilə bağlı bölmədə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun işləməsi və bunun da həyata keçirilməsi ilə bağlı ombudsmanın rəyləri var. Söz, mətbuat azadlığı ilə bağlı məsələlərə münasibət bildirilib. Bu gün Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun dəyişilməyib. 1992-ci ildən indiyə qədər müxtəlif əlavə və dəyişikliklərlə “Siyasi partiyalar haqqında” köhnə Qanun fəaliyyət göstərir. Bu, Azərbaycanda siyasi sistemin təkmil olmamasının göstəricisi və siyasi partiyaların cəmiyyətin bir institutu kimi formalaşmasının qarşısını alan amillərdən biridir. Azərbaycanda siyasi partiyalar bir siyasi institut kimi, əslində, öz fəaliyyətlərini itirmiş vəziyyətdədirlər. Azərbaycan qanunlarında siyasi partiyaların hakimiyyətə gəlmə mexanizmləri yoxdur. Azərbaycanda Siyasi partiyalar haqqında qanun olmadığına görə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun hansı formada dəyişdirilsə belə, onun müddəaları yerinə yetirilmir.
Nəyə çox təəssüf edirəm? Ombudsman siyasi partiyaların mitinqlər, küçə yürüşləri və yaxud piketlərlə bağlı müraciətlərinin hamısına Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni cavabına bu hesabatda münasibət bildirməyib. Nəyə görə burada ombudsman institutunun siyasi azadlıqların bu şəkildə məhdudlaşdırılmasına qarşı çıxan bir müddəası yox-dur? Azərbaycanda uzun illərdir siyasi partiyaların kütləvi aksiyalar keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən icazə istəməsi süni əngəllər vasitəsilə və ya Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-rəsmi və qeyri-hüquqi iddiaları ilə təmin olunmur. Hesab edirəm, buna ombudsman öz münasibətini bildirməli idi.
Söz və mətbuat azadlığından danışarkən Avropa Məhkəməsinin də Eynulla Fətullayev haqqında çıxardığı qərarın yerinə yetirilməməsi ombudsman tərəfindən kəskin tənqid edilməli idi. Çox təəssüf edirəm ki, ombudsman burada Ey-nulla Fətullayevin həbsdən azad olunmamasını onun vəkilinin Ali Məhkəməyə hansısa bir kassasiya şikayəti ilə bağlı verdiyi ərizə ilə əsaslandırıb. Bu nə qədər qanunidir və om-budsman mövqeyinə nə qədər uyğundur?
Burada digər hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı bölmədə ombudsman məhkəmələrə kifayət qədər geniş yer ayırıb. Amma Azərbaycan məhkəmələri bu gün Azərbaycan vətəndaşlarının güvənmədiyi bir yerdir və əslində, Azərbaycanda ədalətsizliyin bünövrəsi məhkəmələrin bu şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Azərbaycan məmuru seçkili orqanda və sairdə vətəndaşın hüququnu bu və ya digər şəkildə poza bilər. Amma vətəndaş gedib son instan-siya kimi məhkəmədə haqqını, hüququnu bərpa edə bilirmi? Çıxardın Azərbaycan məhkəmələrinin ümumi bir təsnifatını, görün Azərbaycan məhkəmələri Azərbaycan vətəndaşlarının onlara etdiyi müraciətlərlə bağlı hansı qərarları qəbul edib və ya indiyə qədər Azərbaycan məhkəmələrində çox nadir bir president kimi prokurorluğun, yəni dövlət ittihamçısının istədiyi cəzadan fərqli bir cəza növü qəbul edib. Azərbaycan məhkəmələri bu gün dövlət ittihamçısı adlanan respublika prokurorluğundan asılı vəziyyətdədir. Hətta məhkəmə bir vətəndaş barəsində həbs qətimkan tədbirini dəyişib, onu azad buraxdıqda belə, dövlət ittihamçısı onun həbsdə qalmasını istəyirsə, dövlət ittihamçısının tələbi yerinə yetirilir.
Çox təəssüf edirəm ki, reqlament 5 dəqiqə oldu və mən fikirlərimi bütün sahələr üzrə yekunlaşdıra bilmədim. Ombudsmanın fəaliyyəti nə qədər ki icra strukturlarından asılı olacaq, nə qədər ki o, icra strukturunun bir əlavəsi kimi fəaliyyət göstərəcək, bundan artıq hesabat olmayacaq. Mən bu günlərdə hörmətli Elmira xanımla söhbətimdə də dedim. Bu asılılıq qismən azaldılsa da, hələlik ombudsman institutu Azərbaycanda bütövlükdə icra strukturlarından asılıdır.
Mən çıxışımın sonunda Azərbaycan qadınlarını, o cümlədən Milli Məclisdəki xanımlarımızı və şəxsən Elmira xanımı 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Bu qədər tənqiddən sonra, bu təbrik bilin-mir yerinə düşdü, düşmədi. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz bu gün burada ombudsmanın 2010-cu ilə dair illik məruzəsini müzakirə edirik. Çox təəssüf ki, məndən öncə çıxış edən İqbal Ağazadə məruzədən deyil, ayrı-ayrı qanunların qəbulu və sair ilə əlaqədar danışdı və ombudsmanı haqsız olaraq tənqid etdi. Ona görə haqsız deyirəm ki, ombudsman öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirir. Ombudsmana əgər kim isə müraciət və ya şikayət etməyibsə, o, mətbuatda və digər yerlərdə qaldırılan bu və ya digər məsələlər barədə öz tərəfindən iş qaldırası və ya onu məruzəsinə daxil edəsi deyil. Vətəndaşlar ombudsman institutuna qanuna uyğun şəkildə müraciət edir və bu qurum da öz fəaliyyətini o müraciətlərə uyğun qurur. Ombudsman institutu il ərzində daxil olmuş müraciətlər əsasında qərarlar qəbul edib, müxtəlif məsələləri həll edib. Hesab edirəm ki, il ərzində ombudsmanın fəaliyyəti kifayət qədər səmərəli olubdur.
Azərbaycanda insan hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlanan ikinci bölməsinin böyük bir hissəsi insan hüquq və azadlıqlarının mühafizəsinə həsr olunubdur. Azərbaycan Respublikasında hakimiyyət tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı həyata keçirilən siyasət göz önündədir. Bu gün biz ətrafımızda baş verən hadisələrə diqqət yetirsək, ayrı-ayrı ölkələrdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı ortaya çıxan problemləri diqqətlə nəzərdən keçirsək, ölkəmizdə insan hüquq və azadlıqlarının kifayət qədər qorunduğunu görə bilərik.
İnsanların hüquq və azadlıqları universal xarakter daşıyır. Lakin bu hüquq və azadlıqlar içərisində insanların yaşamaq hüququ, iqtisadi azadlıq hüququ, vicdan azadlığı, söz, mətbuat azadlığı və sair kimi fundamental azadlıqlar vardır ki, Azərbaycanda bunlar tam şəkildə təmin olunubdur. Bu gün Azərbaycanda sosial-iqtisadi sahədə islahatlar həyata keçiri-lir və ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Təbii ki, yoxsul-luq şəraitində, qeyri-sabit vəziyyətdə yaşayan insanlar üçün hansısa azadlıqların olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ insanın yaşamasının təmin edilməsi, insan üçün sabit həyatın təmin edilməsi və vətəndaşın hüquq və azadlıqlarının qorunması üçün ona hüquqi müdafiə sisteminin yaradılmasıdır. Azərbaycanda bunlar yaradılıbdır. Biz ötən illər ərzində aparılmış böyük siyasət sayəsində bu uğurları əldə edə bilmişik və təqdim olunan bu məruzədə də vətəndaşların ayrı-ayrı sahələr üzrə bu və ya digər şəkildə pozulmuş hüquqlarının bərpası üçün ombudsman institutunun at-dığı addımları aydın şəkildə görürük.
Elmira xanım burada geniş və ətraflı məruzə etdi və görülmüş işləri öz məruzəsində sistemli şəkildə bizim diqqətimizə çatdırdı. Burada “Siyasi partiyalar haqqında” Qanunun adı çəkildi. Bu qanun 1992-ci ildə qəbul edilib. Amma 1992-ci ildən bu yana “Siyasi partiyalar haqqında” Qanuna xeyli düzəlişlər edilib. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun da fəaliyyətdədir və bu qanundan da siyasi partiyalar, ictimai qurumlar, vətəndaşlar səmərəli şəkildə istifadə edə bilirlər. Bu və ya digər qanuna dəyişikliklər edilməsi parlamentin səlahiyyətindədir. Millət vəkillərindən kim bunu istərsə, təkliflərlə çıxış edə bilər. Ombudsman qanunları dəyişdirmir, qanunların pozulması ilə əlaqədar müvafiq addımlar atır. Ona görə mən bu deyilən tənqidi fikirlərin əleyhinəyəm və sizi məruzənin qəbul edilməsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Hörmətli millət vəkilləri, insan hüquqlarının müdafiəsi sahəsində Elmira xanım Süleymanovanın fəaliyyəti və gördüyü işlər yüksək qiymətə layiqdir. Onun fəaliyyətini hər zaman diqqətlə izləyir, bu çətin və şərəfli işdə ona uğurlar arzulayıram.
İnsan hüquqları üzrə müvəkkilin 2010-cu il üzrə illik məruzəsinə nəzər salsaq, insan hüquq və azadlıqlarının qorunması sahəsində genişmiqyaslı iş və tədbirlərin görüldüyünün şahidi olarıq. Məsələn, məruzədə sosial təminat sistemi ilə bağlı çox mühüm təkliflər verilmişdir. Mən də bu təklifləri yüksək qiymətləndirir və dəstəkləyirəm.
Bu məruzədə bir çox məsələlər biz millət vəkillərinin də ünvanına daxil olan ərizələrdə öz əksini tapır. Məsələn, saxlanılan bəzi şəxslərin istintaqın gedişindən və ya barələrində çıxarılmış məhkəmə hökmündən narazı olması, polis, habelə penitensiar xidmət müəssisələrində ölüm və intihar hallarının mövcud olması, polis orqanlarının təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, təhqiqat və istintaq prosesində polis əməkdaşlarının vətəndaşlarla kobud rəftar etməsi, fiziki və mənəvi təzyiqlərə yol verməsi kimi məsələlər bizə olan müraciətlərin bəzilərinin əsas mövzusudur.
Bununla bağlı diqqətinizə iki məsələni çatdırmaq istərdim. İnsan hüquqlarının ibtidai istintaq zamanı pozulması, hətta bunun nəticəsi olaraq intihara səbəb olması ilə bağlı deputatı olduğum Masallı rayonunda baş vermiş bir dəhşətli hadisəni misal gətirə bilərəm. Şərəf Azad oğlu Əliyevi bir qrup polis işçisi cinayətdə günahlandıraraq polis bölməsinə gətirmiş, təhdid və şantajla ondan külli miqdarda pul tələb etmiş, daha sonra isə həmin pulu gətirməsi üçün ona vaxt verməklə azadlığa buraxmışdır. Pulu tapa bilməyən və həbs olunacağından qorxan cavan oğlan özünü asmaqla həyatına qəsd etmişdir. Nəticədə cavan gəlin və iki azyaşlı uşaq başsız qalıbdır. Bu dəhşətli faktları təkcə ailə üzvləri yox, şahidlər də təsdiq edirlər. Bu hadisə Kalinovka kənd əhalisi tərəfindən narazılıqla qarşılanmışdır. 70 saylı Masallı seçki dairəsindən deputat seçilmiş Nəriman Əliyevlə birlikdə dəfələrlə müvafiq qurumlara müraciət etmişik ki, məsələnin obyektiv araşdırılmasına nəzarət olunsun. Amma təəssüflər ki, hələ də heç bir müsbət cavab yoxdur, istintaqa isə müxtəlif əngəllər törədilir. Ona görə də xahiş edərdim ki, hörmətli ombudsman Elmira xanım bu işin gedişatını şəxsi nəzarəti altına götürsün.
İkinci məsələni isə sual formasında ombudsmana ün-vanlamaq istərdim. Elmira xanım, Siz özünüz də qeyd etdiy-iniz kimi, polis orqanları və penitensiar xidmət müəssisələrində ölüm və intihar halları mövcuddur. Ümumiyyətlə, cəmiyyətdə sui-qəsd halları çoxalıb və bu bizi narahat etməyə bilməz. Məsələn, 28 fevral tarixində ayrı-ayrı rayonlarda bir gündə 4 nəfər özünü asaraq öldürmüşdür. Sizdə 2010-cu ildə intihar edən şəxslərin sayı ilə bağlı sta-tistik məlumat varmı? Sizcə, bütün bunların səbəbi nədir və bu halların qarşısı necə alına bilər?
Bir xahişim də dövlət qurumlarından, xüsusilə də hüquq mühafizə orqanlarındandır. İstərdim ki, bu qurumlar ombudsman institutuna daha böyük diqqət və həssaslıqla yaaşaraq onun təklif və tələblərinə formal yox, əməli fəaliyyətləri ilə cavab versinlər. Bir daha qeyd etmək istərdim ki, mən ombudsmanın fəaliyyətini yüksək qiymətləndirirəm və onu qənaətbəxş hesab edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Artıq Azərbaycan parlamentində İnsan haqları üzrə müvəkkilin illik məruzəsinin dinlənilməsi praktikası yaranıbdır və bu praktikaya əsasən biz həm müvəkkilin fəaliyyətinə qiymət verir, həm də Azərbaycanda insan hüquqlarının qorunması sahəsində olan vəziyyəti bir daha analiz edirik. Bu baxımdan deyə bilərəm ki, hesabat kifayət qədər əhatəli, informativ və tənqididir.
Bu bizi sevindirir. Sevindirir ona görə yox ki, tənqididir və tənqidlər çoxdur. Ona görə ki, Azərbaycanda ombudsman təsisatı artıq kifayət qədər oturuşub, nüfuzlu bir ictimai tri-bunaya çevrilib. Baxmayaraq ki, yarandığı vaxt iki təhlükə var idi. Bu təhlükələrdən biri onun dişsiz və səssiz bir icti-mai quruma çevrilməsi, ikincisi isə öz üzərinə inzibati səlahiyyətlər götürərək hakimiyyətin dördüncü qoluna çevrilməsi idi. Amma nə yaxşı ki, o bu təhlükələrdən yayınaraq, həqiqətən də, bir ictimai tribunaya çevrilə bildi.
Hesabatda bütün məqamlar, cəmiyyətin həyatını əhatə edən bütün sahələr üzrə müvəkkilin diqqət etdiyi məsələlər öz əksini tapıbdır. Yəni bu gün elə bir məsələ yoxdur ki, diqqətdən kənarda qalsın. Hətta mən statistikaya diqqət et-dim, gördüm ki, ötən illə müqayisədə bu il ombudsman aparatına edilən müraciətlərin sayı artıbdır. Bu onu göstərir ki, artıq cəmiyyətdə ombudsman təsisatına inam var, onun fəaliyyətinin nəticəsi görünür.
Biz əvvəllər də dəfələrlə demişdik ki, bu işdə hörmətli Elmira xanım Süleymanovanın böyük xidməti var. Amma eyni zamanda, artıq püxtələşmiş bir aparat var. Artıq insan hüquqları üzrə kifayət qədər təcrübəsi olan aparat işçiləri var və onları da qeyd etmək lazımdır.
Mən ombudsmanın fəaliyyətinə müsbət qiymət verirəm. Bununla belə, detallar üzərində dayanmadan ona bir neçə sual vermək istərdim. Hörmətli Elmira xanım, Sizcə, Azərbaycanın ali məktəblərində insan hüquqları üzrə dərslərin keyfiyyəti lazımınca yüksəkdirmi? Söhbət hüquq, beynəlxalq münasibətlər, politologiya fakültələrində keçilən dərslərdən getmir. Söhbət texniki fakültələrdən gedir. Bu fakültələrin məzunları 10, 20, 30 ildən sonra Azərbaycanın rəhbər işçiləri, insan hüquqlarının qorunmasına məsuliyyətli şəxslər ola-caqlar. O şəxslər indidən insan hüquqlarına dair müvafiq baza bilikləri almasalar, sabah onun qorunmasında necə iştirak edərlər? Ona görə də bu fakültələrin tədris proqramına insan hüquqlarına dair xüsusi dərslərin salınmasına ehtiyac görürsünüzmü? Məsələn, mən şəxsən bu ehtiyacı görürəm.
Hesabatda ayrı-ayrı sahələr üzrə təşkilatların işinə baxışların keçirilməsi ilə bağlı statistika var. Mən bilmək istərdim, hər baxışdan sonra həmin o təşkilat rəhbərliyinə aşkara çıxardığınız qüsurlar barəsində bir arayış verilirmi və yenidən ora səfər edərkən əvvəlki arayış əldə rəhbər tutularaq nöqsanların düzəldilməsi barəsində bir sorğu keçirilirmi? Təəssüf ki, mən hesabatda buna rast gəlmədim.
Sonuncu sualım. Aparat işçiləri arasında ixtisaslaşma varmı? Yoxsa hər bir aparat işçisi hər bir işlə məşğul ola bi-lir?
Təəssüf ki, hesabatda, – bəlkə də mənim nəzərimdən yayınıb, – ombudsman aparatının regional mərkəzlərinin fəaliyyəti barəsində məlumata rast gəlmədim. Bu çox vacibdir. Çünki regionlarda onlar birbaşa vətəndaşların problemləri ilə məşğul olurlar.
Mən fürsətdən istifadə edərək qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan qadınlarını, yurdumuzun sevimli qızı, Azərbaycanın birinci xanımı, həmkarımız Mehriban xanım Əliyevanı, Azərbaycan parla-mentinin qadın deputatlarını, aparat işçilərini, bizim işimizi işıqlandıran qadın jurnalistləri ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan qadınına xoşbəxtlik, ailə səadəti, uzun ömür arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin məruzəsində mühüm məsələlər yer alıbdır. Amma mən hesab edirəm ki, bu məruzədə bir çox məsələlər də öz əksini tapmalı idi və bundan sonrakı fəaliyyətində, yəqin ki, hörmətli müvəkkil bu məsələləri nəzərə ala-caqdır.
Məruzədə qeyd olunub ki, ədalətli mühakiməni və pozulmuş hüquqların ən təsirli üsullarla bərpasını təmin edən pro-sessual vasitələrin məcmusu olmadan ədalət mühakiməsi hüququndan yetərincə istifadə etmək mümkün deyildir. Doğrudur, buna görə də məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və təzminat çərçivəsi və səhv hərəkətlilik, yaxud hərəkətsizlik nəticəsində hüquq pozun-tusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanmalıdır. Gecikmiş ədalət özü ədalətsizlikdir. Məhkəmələr tərəfindən günahsız adamların cəzalandırılması aydınlaşdırılarkən bu hakimlərin cəzalandırılmasını və cəza almış adamların dövlət tərəfindən təzminat təminatını nəzərdə tutan təkliflər pa-keti hazırlanmalıdır.
Cəzaçəkmə müəssisələrində insanları cəzalandırmaqdan daha çox tərbiyə etmək və millətin faydalı üzvünə çevirmək mexanizmini özündə ehtiva edən məhbəsdaxili və həbsdən sonrakı reabilitasiya proqramının hazırlanması çox vacibdir. Belə bir proqramın Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili institutu tərəfindən hazırlanması, məncə, məqsədəmüvafiq olardı.
Milli preventiv mexanizmin funksiyalarının icrası ilə bağlı vacib olan bir məsələ həyata keçirilməlidir. Hamımıza məlumdur ki, bu gün psixiatrik xəstələrə münasibət və onların şəraiti münasib vəziyyətdə deyildir. Psixiatriya xəstəxanalarındakı vəziyyəti kökündən dəyişmək, onların yeni şəraitdə qurulması və buradakı xəstələrin diaqnozlarına uyğun olaraq bir yerdə saxlanmasını təmin etmək baxımından ekspert həkimlərin iştirakı ilə xüsusi proqram hazırlamaq lazımdır.
Müvəkkilin fəaliyyət istiqamətlərində qeyd olunur ki, xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu halda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər. Onun təsir imkanı çatmadıqda Prezidentə və Milli Məclisə müraciət edə bilər. Bu müddəa həm yuxarıda göstərilənlər üçün, həm də aşağıda qeyd edəcəyim məsələlərdə baza prinsipi ola bilər.
Ombudsmanın fəaliyyətinə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də şərait yaradır. Mən burada iki məsələni xüsusi qeyd etmək istəyirəm. Birincisi budur ki, Ramil Səfərovun müdafiəsinin fəal təşkili ilə bağlı olaraq müəyyən addımlar atmaq mümkündür. İkincisi isə, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi ilə, Avropa İnsan Haqları Məhkəməsində onların mülki və siyasi tələbləri ilə bağlı iddiaların qaldırılmasına, Qərbi Azərbaycandan məcburi köçürülənlərə qarşı cinayət əməllərinin beynəlxalq məhkəmələrdə araşdırılmasına, qaçqınların Qərbi Azərbaycanda qalan mal və mülklərinin siyahılaşdırılmasına və onların müvafiq beynəlxalq instansiyalar qarşısında təzminat davası açmasına yardım edilməli və bütün bu işləri mərkəzləşdirmək üçün proqram hazırlanmalıdır.
Azərbaycandan beyin axınının səbəbini aradan qaldırmaq üçün ziyalı potensialının hüquqlarının qorunması və ziyalı axını zamanı xaricdə toplaşmış intellekt potensialımızın kadr bankının hazırlanması və onların vətənə qayıtması proqramını müvafiq orqanlara tövsiyə edəcək sənədləri hazırlamaqla ziyalıların hüquqlarını müdafiə eləmək Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planında nəzərdə tutulmalıdır.
Azərbaycan işçisinin hüquqlarının məhdudlaşdırılmaması üçün əsasən karbohidrogen ehtiyatlarının istehsalı və ixracı ilə məşğul olan xarici şirkətlərlə müqavilələr bağlanarkən Azərbaycan vətəndaşının işlə təmin olunması önə çəkilməli, maaşla təminatda ona əcnəbi vətəndaşdan aşağı maaş verilməməsi şərti mütləq nəzərə alınmalıdır.
Ərzaq səbətinin bahalaşmasının səbəbi olan inhisarçılığın, korrupsiyanın rolunu elmi cəhətdən təhlil edib qarşısını al-maq yollarını araşdırmaq üçün təkliflər hazırlanmalı, mövcud təkliflərin həyata keçirilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılmalı və hesabat istənilməlidir.
İnsan hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işinin televiziyalarda şoularla müqayisədə cüzi yerə malik olduğu hamımıza məlumdur. Televiziyalarda maarifləndirməyə önəm verilməlidir. Digər kütləvi informasiya vasitələrində də daimi reklam səhifəsi almaqla həm bu sahəni təşviq etmək, həm də kütləvi informasiya vasitələrinə dəstək vermək mümkündür. Deyilən təkliflərlə bağlı müvafiq dövlət orqanlarına, təşkilatlara ekspert rəyinin hazırlanmasını tapşırmaq olar.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hesab edirəm ki, hər bir işə, hər bir fəaliyyətə qiymət verməyin öz meyarları var. Ombudsmanın fəaliyyətinə qiymət vermə meyarı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu-nun 13 və 14-cü maddələrində göstərilmişdir. 13-cü maddədə qeyd olunur ki, müvəkkil şikayətin araşdırılması zamanı insan haqlarının pozulması hallarını aşkar etdikdə qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etməlidir. Müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər. Daha sonra, 14-cü maddədə göstərilir ki, Müvəkkilin illik məruzəsində insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
Bu meyarlar əsas götürülsəydi, 60 səhifəlik bu hesabat heç qəbul olunmalı deyildi. Hesabat 10 səhifədən yuxarı olmamalı idi. Bir də ki, Elmira xanım burada hər şeydən danışdı, bu meyarlar baxımından gördüyü işlərdən danışmadı. Bir dənə konkret misal çəkə bilmədi ki, filan işin yoxlanmasında filan hüquqların pozulduğunu aşkar edib, bunu hara çatdırıb, nə eləyib.
Digər tərəfdən, oxuyursan, görürsən ki, hesabatı lazım olmayan şeylərlə doldurublar. Məsələn, 13-cü səhifənin üçüncü abzasında qeyd olunur ki, Azərbaycan milli mətbuatının 135 illik yubileyi keçirilmiş, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılmış, 38 nəfər “Əməkdar jurnalist”, 15 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Maraqlıdır, bu məsələnin ombudsman fəaliyyətinə nə dəxli var? Və ya göstərilir ki, bu qədər məktəb direktoru işdən azad olunub, bu qədər insana cəza verilib, Daxili İşlər Nazirliyi sistemindən bu qədər adam qovulub və sair. Bunun Sizə nə dəxli var? Əgər Sizin konkret araşdırdığınız ərizə ilə əlaqədar insanlar qovulubsa, burada Siz onu misal çəkin.
Nəhayət, mən çox təəssüf edirəm ki, Elmira xanım bu müzakirələr zamanı deyilən, özü də yaxşı niyyətlə deyilən arzuların çoxunu heç nəzərə almaq istəmir. Biz keçən səfər də, ondan qabaq da müzakirələrimizdə demişdik ki, insan haqları fərdin hüququdur, fərdi hakimiyyətin özbaşınalıqlarından qoruyan bir hüquqdur. Fərdlə hakimiyyət arasındakı münasibətlər həmişə bərabər olmur. Fərd hakimiyyətin qarşısında acizdir. Ona görə hakimiyyət nümayəndələri fərdin başının üstündə, məcazi mənada desək, qılınc oynadırlar. İnsan haqları fərdi bu qılıncdan qorumaq üçün bir qalxandır. Bu, fərdin hüququdur, kollektivin hüququ deyil. Elmira xanım, Siz hesabatda, əsasən, kollektivin – məcburi köçkünlərin, qaçqınların, hərbçilərin hüququndan söz açırsınız. Olmaz belə yanaşma. Bu tamamilə səhv mövqedir.
Mən hesab edirəm ki, hər bir insanın, hər bir sosial qurumun gücü iki şeydədir. Birincisi özünə tənqidi münasibət qabiliyyətini itirməməsindədir. Yəni insan, hər bir qurum həmişə özünün fəaliyyətini təhlil edib nöqsanlarını üzə çıxarmağı bacarmalıdır. İkincisi isə bu təhlil prosesində müəyyən etdiyi nöqsanları aradan qaldırmaq üçün onda iradə və qabiliyyət olmalıdır. Hamımızın inkişaf yolumuz budur. Mən Elmira xanımı da bu yolla getməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Gündəlik üzrə işimizi davam etdiririk. Buyurun, Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Milli lider Heydər Əliyevin hələ 1998-ci ildə imzaladığı sərəncamla insan hüquqlarının qorunması sahəsində qəbul edilən dövlət proqramı ölkədə insan hüquqlarının əsaslı müdafiəsi mexanizmlərinin formalaşdırılmasını şərtləndirdi. Bu proqram əsasında İnsan hüquqları üzrə müvəkkil institutu yaradıldı. Bu institutun yaradılması Azərbaycan dövlətinin insan hüquqlarına hörmətlə yanaşdığının və insan amilinə böyük əhəmiyyət verdiyinin çoxsaylı nümunələrindən biri idi. 2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli planın işlənib hazırlanması bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə şərait yaratdı. Ötən illər ərzində insan hüquq və azadlıqlarının qorunması və inkişaf etdirilməsi sahəsində atdığı uğurlu addımlar sayəsində Azərbaycan dünya birliyinin ədalət prinsiplərinə əsaslanan ölkələri içərisində əhəmiyyətli bir yer tuta bilmişdir.
İnsan hüquqları müvəkkilinin bugünkü illik məruzəsi də elə ölkəmizdə insan hüquq və azadlıqlarına, bu hüquq və azadlıqların qorunmasına verilən qiymətin təzahürü və təsdiqidir. Ombudsmanın silahı aşkarlıq, tənqid və etimaddır. Onun fəaliyyəti qərəzsizliyə və müstəqilliyə əsaslanır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin fəaliyyəti də ölkəmizdə hər bir vətəndaşın hüququnu qoruyan və müdafiə edən köklü bir ombudsman institutunun formalaşdığını göstərir.
Elmira xanım Azərbaycanın ilk ombudsmanıdır. İlk olmaq həmişə çətindir. Biz Milli Məclis olaraq bu gün olduğu kimi, hər il Elmira xanımın illik hesabatlarını dinləyir və səs çoxluğu ilə qəbul edirik. Keçən il biz onu ikinci müddətə ombudsman seçdik. Bu gün də vəzifəsini uğurla davam etdirir. Ona görə də düşünürəm ki, əsassız danışarkən, heç olmasa, ədalət hissi unudulmamalıdır.
Məruzədə ombudsmanın bir il ərzində gördüyü işlərlə bərabər, ölkədə insan hüquq və azadlıqlarının təmini sahəsində irəli sürülən bir çox təkliflər də yer almaqdadır. Mən bu təkliflər içərisində ünvanlı sosial yardımların müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsinə, əhalinin aztəminatlı hissəsinin mənzillə təmin edilməsi üçün xüsusi bir proqramın hazırlanmasına, bələdiyyələrin fəaliyyəti ilə bağlı monitorinqlərin aparılmasına, internat evlərində tərbiyə alan və müvafiq yaş həddinə çatdıqdan sonra bu internat evlərini tərk edən uşaqların təhsilinin davam etdirilməsinə, onların iş və yaşayış yeri ilə təmin edilməsinə yönəli tədbirlərin görülməsi, eləcə də səhiyyə və təhsil sahəsi ilə bağlı bir çox təklifləri xüsusi qeyd etmək istərdim.
Yeri gəlmişkən, ötənilki məruzədə uşaq hüquqlarının tədrisinin həyat bacarıqlarına əsaslanan təhsil fənninə daxil edilərək öyrənilməsi Təhsil Nazirliyi qarşısında bir təklif kimi irəli sürülmüşdü. Bu məsələ bu gün də aktualdır və əgər həmin təklif hələ reallaşmayıbsa, uşaq hüquqlarının ümumilikdə insan hüquqları fənni kimi tədris olunması üçün Təhsil Nazirliyinə yenidən müraciət edilməsinə ehtiyac var.
Mən məruzədə görmədiyimiz, amma görməyi arzu etdiyimiz bir məqama toxunmaq istəyirəm. 2006-cı ildə Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihəni qəbul etdi. Bu layihə ombudsmanın regional mərkəzlərinin yaradılması haqqında idi və bu qanun qəbul edildikdən sonra ombudsmanın Gəncədə, Şəkidə, Qubadlıda, Cəlilabadda regional mərkəzləri yaradıldı. Şübhəsiz ki, onlar da yerlərdə müvafiq fəaliyyət göstərirlər. Ancaq yaxşı olardı ki, ayrı-ayrı regional mərkəzlərin gördükləri işlər, onların yerli əhali ilə əlaqələri və sair haqqında da məruzədə qısaca da olsa, məlumat veriləydi.
Ümumiyyətlə, məruzə böyük bir zəhmətin təcəssümü olan əhəmiyyətli sənəddir. Mən bu məruzənin lehinə səs verəcəyəm və inanıram ki, bütün həmkarlarım da birmənalı olaraq bu sənədi qəbul edəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! İcazə verin, fürsətdən istifadə edib qarşıdan gələn Beynəlxalq qadınlar günü münasibətilə hörmətli Elmira xanımı, bütün qadın həmkarlarımı, zalda olan digər qadınları, habelə onların simasında bütün Azərbaycan qadınlarını təbrik edim.
İnsan hüquqları üzrə müvəkkilin 2010-cu il üzrə illik məruzəsi, doğrudan, böyük və məhsuldar bir fəaliyyətin nəticəsidir. Ombudsmanın ünvanına 2010-cu ildə 11660 ərizə, şikayət və müraciət daxil olmuşdur. 2009-cu illə müqayisədə 2010-cu ildə daxil olan ərizə və şikayətlərin həcmi 32,2 faiz artıq olmuşdur ki, bu da mənim dediklərimi bir daha təsdiqləyir. Ombudsman təsisatı bir institut olaraq Azərbaycan cəmiyyətində nəinki formalaşmış, hətta özünə layiqli yer tutmuş, dövlətin və cəmiyyətin qarşısında duran hədəflərə nail olunması işinə özünün töhfələrini verən, habelə insanların etimadını qazanan bir təsisata çevrilmişdir.
Məruzədə hörmətli Elmira xanımın irəli sürdüyü təkliflər içərisində azadlıq hüququ, mülkiyyət hüququ, şərəf və ləyaqətin qorunması ilə bağlı təkliflərini, sosial-iqtisadi xarakterli hüquqlarla bağlı fəaliyyətini xüsusilə diqqətə çatdırmaq istəyirəm. Düşünürəm ki, onun mülkiyyət hüququ ilə bağlı təklifləri, xüsusilə respublikada özbaşına tikilmiş mənzillərin bu insanların adına sənədləşdirilərək onların mülkiyyətinə verilməsi barədə təklifi diqqətəlayiqdir. Çünki bu işdə dolayı yolla bu və ya digər dövlət orqanlarının məmurları günahkardırlar. Ona görə də mən düşünürəm ki, bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər.
Bundan başqa, məhkəmələrdə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəza növlərindən daha geniş istifadə olunması ilə bağlı təklif də xüsusilə diqqətəlayiqdir.
Azadlıq hüququ ilə bağlı fəaliyyətin ağırlıq mərkəzini müvəqqəti saxlama təcridxanalarında və istintaq təcridxanalarında aparılan baxışlar və yoxlamalar təşkil edir. İl ərzində 396 istintaq təcridxanasında və müvəqqəti saxlama təcridxanalarında yoxlama aparmaq özü az iş deyildir. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında 94 başçəkmə və yoxlama aparılıb. Bunlar özü böyük bir işdir. Amma düşünürəm ki, cəzaçəkmə müəssisələrində bu fəaliyyət bir qədər də genişləndirilsəydi, daha yaxşı olardı. Çünki burada saxlanılan insanlar onsuz da azadlıq hüququndan məhrum olunmuşlar. Azadlıq hüququndan məhrum olunmuş insanların qalan hüquqlarının qorunması və bu hüquqların pozulmaması istiqamətində çalışmaq, düşünürəm ki, daha məqsədəuyğun olardı.
Son dövrdə respublikada korrupsiyaya qarşı mübarizə ilə bağlı ardıcıl dövlət siyasəti həyata keçirilir və sevindirici haldır ki, hörmətli Elmira xanımın illik məruzəsində bu istiqamətdə də fəaliyyət özünə yer alıb. İl ərzində korrupsiya faktları ilə bağlı 1041 ərizə və şikayətin daxil olmasının özü bu istiqamətdə ombudsmana böyük etimadın və inamın olmasından irəli gəlir. Amma əfsuslar olsun ki, bu ərizələrin prokurorluq orqanlarına və digər orqanlara göstərilməsi, habelə məruzədə yoxlama zamanı məmurların bəzilərinin, doğrudan da, vəzifələrindən sui-istifadə etməsi hallarının təsdiq olunması barədə informasiyanın yazılması ilə iş bitmiş hesab olunur. Amma mən düşünürəm ki, bunlar nəzarətə götürülməklə qaldırılan cinayət işlərinin sayı, cinayət məsuliyyətinə cəlb olunan, vəzifəsindən çıxarılan, habelə intizam qaydasında, inzibati qaydada məsuliyyətə cəlb olunan məmurların sayı göstərilsəydi, bu, hörmətli Elmira xanımın illik məruzəsini daha sanballı edər və onun hesabatı dövlətin korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasəti ilə daha çox həmahəng olardı.
Amma bütün bunlar heç də Elmira xanımın fəaliyyətinə kölgə salmır və onun illik hesabatının qənaətbəxş qiymətləndirilməsinə mane olmur. Odur ki, hörmətli həmkarlarımdan xahiş edirəm, bu məruzənin qənaətbəxs qiymətləndirilməklə qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Musa Quliyev.
M. Quliyev. Sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Hər bir ölkədə insanların hüquq və azadlıqlarının səviyyəsi, onların qorunması və təmin olunması, heç şübhəsiz ki, bu ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi və hüquqi dövlət olması ilə birbaşa bağlıdır. Azərbaycan artıq cənab Prezidentin də söylədiyi kimi, keçid dövrünü arxada qoymuş, sürətlə inkişaf edən və inkişaf etmiş dövlətlər sırasına daxil olmaq məqsədinə doğru inamla irəliləyən bir dövlətdir. Belə bir dövlətdə, heç şübhəsiz ki, onun digər strukturları ilə yanaşı, demokratik institutların da formalaşması, oturuşması, insan haqları və azadlıqlarının qorunması işi ön plana çıxır.
Bu institutların sırasında Azərbaycan ombudsmanının xüsusi yeri vardır. Azərbaycan ombudsmanının fəaliyyəti ildən-ilə daha da təkmilləşir. Bu qurum insan və vətəndaş hüquqlarının daha çox müdafiəsində duran bir təşkilat kimi diqqəti cəlb edir. Artıq ombudsman institutunun Azərbaycanda aparatı və regional strukturları tam formalaşıb. Onun hər ildəki hesabatından da biz görürük ki, ombudsman nə qədər böyük əhəmiyyətli işlər görür.
Mən burada ombudsmanın ünvanına söylənən tənqidlərin çox hissəsini əsassız, subyektiv hesab edir və düşünürəm ki, bu tənqidlər heç də xoş məram güdən sözlər, fikirlər dey-ildir. Ombudsmanın fəaliyyətinə hər birimiz cəmiyyətin fəal bir üzvü olaraq kömək etməli, dəstək verməliyik.
Elmira xanımın şəxsən öz fəaliyyətini, onun rəhbərlik et-diyi qurumun fəaliyyətini yüksək qiymətləndirir və hesab edirəm ki, ombudsman cəmiyyətin reseptor rolunu çox uğurla oynamaqdadır. Ombudsmanın bu gün bizə təqdim etdiyi hesabatında da qarşıya qoyulan məsələlər, irəli sürülən təkliflər bir daha göstərir ki, onu narahat edən məsələlər cəmiyyətin həyatındakı ən ağrılı, narahat nöqtələrdir.
Ombudsmanın təkliflərini mən belə qruplaşdırardım. Bir sıra təkliflər var ki, onlar təxirə salınmadan qəbul edilməlidir. Onların arasında Milli Məclisdə baxılası və qanunlar şəklində qəbul olunası təkliflər də var. Mən hesab edirəm ki, məhkumların gündəlik ərzaq normalarına yenidən baxılması, Cinayət Məcəlləsinin müvafiq maddəsinin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə Konvensiyasının 1-ci maddəsinə uyğunlaşdırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması, radarlardan yalnız profilaktika məqsədilə istifadə olunması, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi öz həllini gözləyən vacib məsələlərdir. Düşünürəm ki, Milli Məclisin müvafiq komitələri də bu məsələlərə baxmalıdırlar.
Eyni zamanda, ombudsmanın qarşıya qoyduğu bir sıra məsələlər, o cümlədən pasientin hüquqlarının qorunması, ünvanlı sosial yardımların verilməsinin təkmilləşdirilməsi, aliment fondunun yaradılması və sosial müavinətlər ilə bağlı məsələlər də, düşünürəm ki, aktual məsələlərdir və bu məsələlər üzərində müzakirə aparmağa dəyər.
Ümumiyyətlə, mən hesab edirəm ki, biz ombudsmanın fəaliyyətini qənaətbəxş hesab edə bilərik. Ona görə təklif edirəm ki, hesabatı səsə qoyaraq qəbul edək və ombudsmana uğurlar arzu edək.
Sədrlik edən. Çox sağ olun. Mən bir şeyi nəzərə çatdırım ki, bu hələ gündəliyin birinci məsələsidir. Gündəlikdə 9 məsələ var. 15 nəfər də çıxışa yazılan var. İki nəfər təkid edir. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar! Hər il ombudsmanın hesabatının müzakirəsində müxtəlif fikirlər söylənir. Mən qeyd etmək istəyirəm ki, bu institut yaranandan bu günə qədər insan hüquqlarının müdafiəsi ilə məşğuldur və bu işi, doğrudan, çox ədalətli şəkildə həyata keçirir. Bu gün də təqdim olunan hesabat gözəl hazırlanmışdır, qənaətbəxşdir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı həm dövlət, həm də ombudsman tərəfindən aparılan işlər hesabatda geniş işıqlandırılmışdır. Mən də təklif edirəm ki, səs verək, bunu qəbul eləyək.
Amma bir neçə detala toxunmaq istəyirəm. Bu hesabatın müzakirəsində ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərə toxunuldu. Tutaq ki, kim isə Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazıb. O məktub ünvana yetişməyibsə, bunun ombudsmana nə aidiyyəti var? Əgər məktuba düzgün cavab verilməyibsə, bunu verin məhkəməyə, məhkəmə ilə araşdırın. Ondan sonra əgər hansısa problem çıxarsa, om-budsmana müraciət edin. Kim kimə məktub yazırsa, ombudsman gərək o məktubun dalınca gedə, axtara, tapa ki, ona niyə cavab verilməyib? Bunun özü düzgün olmayan yanaşmadır.
İkinci tərəfdən, hesabatda nə qədər jurnalistə medal ver-ildiyi, qayğı göstərildiyi yazılıbsa, bunun kimə nə ziyanı var? Kimisə narahat eləyir? Mən hesab edirəm ki, narahat eləməməlidir. Görülən işlərə qiymət verilir və çatışmayan cəhətlər göstərilir.
Üçüncü tərəfdən, insan hüquqları ilə bağlı... Mən müşahidə aparmışam, Avropa Məhkəməsinin bəraət verdiyi insanların heç biri əməlisaleh adam deyil. Hansı müəllimə, həkimə, zəhmətkeş insana bəraət verilib? Bəraət verilib Əlikram Hümbətova ki, Azərbaycanı parçalamaq istəyirdi və sair və ilaxir. Avropa Məhkəməsinin göndərdiyi namələrlə bağlı bir-bir adları sadalamaq istəmirəm. Bir milyon qaçqın haqqında heç kim bir namə göndərmir. Kim ki düşmənin xeyrinə, Azərbaycanın əleyhinə iş aparır, onun haqqında namə göndərilir. Belə çıxır ki, ombudsman da gərək getsin, düşmənin xeyrinə işləyənləri müdafiə eləsin.
Bu gün mən mətbuat orqanında da oxuyandan sonra bir daha əmin oldum ki, Azərbaycan nə qədər tolerant və çoxmillətli bir ölkədir. Hətta Azərbaycanda insan hüquqlarının vəziyyəti o həddə çatıb ki, yarı tərəfi erməni olan kəs insan hüquqları ilə məşğul olur və dədəli-babalı azərbaycanlını insan hüquqları ilə məşğul olmamaqda günahlandırır. Zərdüşt Əlizadə kitablarında Leyla Yunusovanın həyat yoldaşının erməni olması ilə bağlı faktlar göstərir. Bu gün bu adamlar erməni ola-ola, əlləri azərbaycanlıların qanına bata-bata başqalarını bu cinayətlərdə günahlandırırlar. Görün, biz nə qədər tolerant ölkədə yaşayırıq ki, bu gün erməni də Azərbaycanda insan hüquqları ilə məşğuldur.
Bu baxımdan mən hesab edirəm ki, təqdim olunan hesa-bat çox düzgün və gözəl tərtib olunub. Bu gün xalqın və istənilən insanın müraciətinə çox diqqətlə baxılır. Rayonlara gedilir, baxışlar, yoxlamalar keçirilir, insanların bütün müraciətlərinə baxılır. Bizdə də, maşallah, yazmağa həvəskar o qədərdir ki. Gərək ombudsmanın neçə aparatı ola ki, bütün müraciətlərə dərhal reaksiya verə. Bunu da biz nəzərə al-malıyıq ki, bu müraciətlərə mərhələ-mərhələ baxılır. Mən təklif edirəm ki, bu hesabatı qəbul edək. Sağ olun.
Sədrlik edən. Bir də Aqil Abbasa söz verməliydim. Buyurun, Aqil Abbasov.
A. Abbasov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesabatı diqqətlə oxumuş və məruzəni dinləmişəm. Onu çox müsbət qiymətləndirirəm və təbii ki, səs verəcəyəm. İki-üç məsələyə də mən toxunmaq istəyirəm. Bizim həmkarlarımız çıxış edəndə sanki unudurlar ki, bu, hökumətin hesabatı deyil, Elmira xanımın hesabatıdır. Yəni bir institut bu qədər iş görüb, bu qədər fəaliyyət göstərib, amma biz ondan hökumətin görə biləcəyi işləri tələb edirik.
Bir şeyi heç birimiz demədik ki, ombudsman hesabatda təsisatın strukturunu genişləndirmək, işçi qüvvəsini artırmaq üçün iki ildir Maliyyə Nazirliyinə layihə təqdim etdiyini və Maliyyə Nazirliyinin ona yardım etmədiyini, büdcədən o pulu ayırmadığını yazır. Bəlkə elə biz ona kömək edək? Heç birimiz kömək etmək haqqında danışmadıq, yalnız elə tələb etmək haqqında danışdıq. Hörmətli maliyyə naziri, bu qədər iş görən bir instituta kömək etmək lazımdır.
Deyəcəklərimin bir qismini Siyavuş müəllim dedi. Hansı erməninin nə deməsi... Artıq o məsələyə qayıtmaq istəmirəm. Həqiqətən, Azərbaycanda ermənilər bəzən bizdən hörmətli olur, hüquqlarımızı onlar qoruyur və Avropa məhkəmələrinə gedib Azərbaycanın əleyhinə təbliğat aparırlar. Biz də onları çiynimizdə gəzdirib mətbuatda yer veririk. Hərçənd ki, hərdən düşünürük, kaş bu erməniləri yerə düşürüb, onlara bir şapalaq vuran da olaydı. Amma o da məlumdur ki, şikayət edəcəklər və biz cəzalanacağıq.
Elmira xanım dedi ki, 2010-cu ildə ombudsmanın ünvanına 1166 şikayət daxil olub, bunların 51 faizi yoxlamaya göndərilib və 52 faizi müsbət cavabla qayıdıb. Bayaq Siyavuş müəllim də dedi, doğrudanmı, şikayət edənlərin hamısı haqlıdır və şikayət məktubları 100 faiz müsbət cavabla qaytarılmalıdır? Əgər bir işə məhkəmədə baxılırsa, uduzan tərəf mütləq narazı olacaq və şikayət edəcək. Görün, Azərbaycan məhkəmələrində hər gün neçə işə baxılır. Deməli, bütün hakimləri bizim ədalətsiz adlandırmağımız da düz deyil.
Mən bir məsələyə də toxunmaq, bir neçə kəlmə də polislə bağlı danışmaq istəyirəm. Məsələn, deyirlər ki, Dövlət Yol Polisinin əməkdaşları yollarda radarlar qurur, sürücüləri in-cidir, kobudluq edirlər. Dünən televiziya kanallarının birində DYP-nin keçirdiyi reyd nümayiş etdirilirdi. Yol hərəkəti qaydalarını pozmuş sürücülər az qalırdı ki, alnında Azərbaycanın gerbini daşıyan polis işçilərini döysünlər, şikayət edirdilər ki, polislər kobudluq edirlər.
Cinayətkar nə vaxt onu tutan polisin alnından öpər və Daxili İşlər Nazirliyinə, hökumətə teleqram vurar ki, mən o polisə təşəkkür edirəm. Dünyada belə bir hal olub? Təbii ki, polisin də işində müəyyən qüsurlar olur. Həm də ona qarşı kobudluq edilirsə, o da, ola bilər, nə isə bir kobudluq etsin. Amma başqa hallar da olur. Dəfələrlə görmüşük, yaxalanan cinayətkar başını divara vurub, sonra polisdən şikayət edib ki, məni polis vurub. Gözümüzün qabağında polisə müqavimət göstəriblər və sonra da mətbuatda yazıblar ki, guya polis onlara nə isə edib.
Hamının haqqını, hüququnu qoruyuruq. Amma Azərbaycanda heç kəs polisin hüququnu qorumur. Hətta bizim məhkəmə və prokurorluq orqanları da çox vaxt polisləri günah-kar çıxarırlar ki, sən tutanda onun üzünə deməmisən ki, şikayət etmək və ya Amerikadakı kimi, telefonla bir dəfə zəng eləmək hüququn var.
Niyə hamımız radarı görəndə maşını ehtiyatla sürür, radarı keçən kimi sürəti 150–160-a qaldırırıq? Çünki artıq bizi görən yox, saxlayan yoxdur. Təbii ki, gizli radarlar da olmalıdır. Orada deyilir ki, şəkil çəkmək insan hüququnu pozmaq deməkdir. Şəhərin küçələrində müəyyən təşkilatlar nəzarət qurğuları qurublar ki, şəhərə nəzarət edə bilsinlər. Bu, cinayətlərin sayının xeyli dərəcədə azalmasına kömək edir. Əslində, bu qurğuların sayı daha çox olmalıdır. Belə çıxır ki, onda hamının hüququ pozulur. Əlbəttə, əslində, belə deyildir. Belə çıxışlar olanda polislərin bir az könlü qırılır.
Azərbaycanın bel sütunlarından biri polis orqanlarıdır. Onları da müdafiə etmək lazımdır. Elmira xanım, polisləri heç kəs müdafiə etmir, xahiş edirəm, polisləri də müdafiə edin.
Çıxışımın sonunda bizim burada olan bütün qadınları, Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Artıq yarım saat keçdi. Mən də hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkilin hesabat məruzəsi çox yüksək səviyyədə hazırlanıb. Amma Milli Məclisdə çıxış edəndə, əlbəttə, istənilən məruzəyə qarşı həddindən artıq tənqid də, tərif də ola bilər. Bunu biz çox nor-mal qəbul etməliyik. Xahiş edirəm, müvəkkilin illik məruzəsinə münasibət bildirək, nəzərə alaq.
Səsvermənin nəticələr (saat 16.28 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, nəzərə alındı, qəbul edildi. Elmira xanım, Sizi də, rəhbərlik etdiyiniz kollektivi də təbrik edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qısa. Buyurun.
E. Süleymanova. Ən əvvəl mən istərdim ki, Sizə, Oqtay müəllim, Sizin müavinlərinizə və hər bir millət vəkilinə öz təşəkkürümü bildirim. Ombudsmanın işi, doğrudan da, çox ağır və şərəfli işdir və millət vəkilləri onu dəstəklədikcə in-san hüquqlarının etibarlı təmin olunmasına daha geniş imkan yaradırlar. Mən bu əməkdaşlığa inanır, hər birinizi bu əməkdaşlığa dəvət edir və tənqidi mülahizələrinizi nəzərə alaraq işimizi daha da təkmilləşdirməyə söz verirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bir daha Sizi təbrik edirik, sağ olun.
Gündəliyin ikinci məsələsi. Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə. Buyursun Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 15 fevral tarixli 1/41 saylı məktubu ilə 2011-ci ilin yanvar ayının 13-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının Prezidenti tərəfindən imzalanmış “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə Milli Məclisə təqdim edilmişdir. Adı çəkilən Birgə Bəyannamə Milli Məclisin mü-vafiq komitələrində müzakirə edilmiş və “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Birgə Bəyannamə 2006-cı ilin noyabr ayında Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti cənab Joze Barroso tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda, 2009-cu ilin may ayında Pra-qa Zirvə Görüşünün Enerji Bəyannaməsində və bu sıradan olan başqa sənədlərdə də təsbit olunmuş Azərbaycan–Avropa İttifaqı, Azərbaycan Hökuməti və Avropa Komissiyası arasında enerji sahəsində münasibətlərin vacibliyini və stra-teji önəmini bir daha təsdiq etməklə yanaşı, həm də bu münasibətlərin daha yüksək səviyyədə qurulması üçün real layihələr müstəvisinə keçirilməsi üçün yeni imkanlar yaradır. Bunu təsdiq etmək üçün Bəyannamənin ancaq bir cümləsini xatırlamaq yetərli olar. Tərəflər bəyan edirlər ki, “bizim ümumi məqsədimiz mümkün qədər tez bir zamanda Cənub Dəhlizinin yaradılmasına və fəaliyyətdə olmasına nail olmaqdır”.
Əminəm ki, Birgə Bəyannamədə əks olunmuş başqa bir önəmli məqama da diqqət yetirmisiniz. Tərəflər bəyan edirlər ki, bu Bəyannamənin məqsədlərindən biri də “Azərbaycan Respublikasını Cənub Qaz Dəhlizinə mühüm töhfə verən və onu mümkün edən qismində müəyyən etməkdir”. Yəqin ki, bu cümləni oxuyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi sözlər yadınıza düşür: “Azərbaycanın iştirakı olmadan, Azərbaycanın razılığı olmadan regionda hər hansı bir beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və sair layihənin həyata keçirilməsi mümkün deyil”. Bunun da səbəbini tək coğrafi mövqeyimizlə və ya zəngin təbii ehtiyatlarımızla izah etmək düzgün olmazdı. Bunun daha vacib səbəbləri Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, dayanıqlı iqtisadi inkişaf, bu cür beynəlxalq əhəmiyyətli layihələr üçün yaradılmış və ardıcıllıqla həyata keçirilən əlverişli, beynəlxalq standartlara və təcrübəyə müvafiq olan qanunvericilik, hüquqi və investisiya iqlimi, imzalanmış sazişlərə sadiqlik və müvafiq infrastrukturun, birinci növbədə ixrac infrastrukturunun mövcudluğudur.
Buna misal olaraq, neft-qaz kontraktlarının və müvafiq yataqların işlənməsi layihələrini, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri layihələrini gətirmək olar. Cənub Qaz Dəhlizinin yaradılmasının tərəflərin ümumi strateji məqsədləri olduğu xüsusi qeyd edi-lir. Məsələn, Birgə Bəyannamənin 3-cü bəndində deyilir: “Xəzər regionundan Avropa bazarına kimi olan bu marşrutun yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqının qaz daşınması marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə birgə strateji məqsədinə uyğun gəlir”. Yəni bu layihələrin həyata keçirilməsinin iki tərəfin də birgə strateji məqsədinə uyğun olduğu bəyan edilir.
Bir sitat da gətirim. 4-cü bənddə Cənub Qaz Dəhlizinin Avropa Enerji Təhlükəsizliyinin artırılmasında dayaq nöqtəsi olduğu xüsusi vurğulanır. Cənub Qaz Dəhlizi, əlbəttə, bütün Xəzər hövzəsində hasil edilən və ediləcək qaz ehtiyatları üçün açıqdır, ancaq bu qaz dəhlizinin yaradılmasında və fəaliyyətində Azərbaycan qaz ehtiyatlarının xüsusi yeri, əslində, Cənub Qaz Dəhlizi üçün zəmanət olması faktı Birgə Bəyannamənin 4-cü bəndində xüsusi qeyd olunur. Yenə də sitat gətirirəm: “...Azərbaycan ərazisində ehtiyatların hasil edilməsinin bu qaz həcmlərinin qəbul edilməsi üçün kifayət qədər infrastruktur və bazarların, o cümlədən kommersiya şərtlərinin mövcud olmasına istinadən zəmanət kimi nəzərdən keçiririk”. Eyni zamanda, göstərilir ki, Birgə Bəyannamənin imzalanmasında məqsəd “...Avropa İttifaqında və Cənub-Şərqi Avropa ölkələrində Azərbaycandan olan təbii qazın nəqli və satışı/paylanmasını mümkün edəcək, Komissiya ayrı-seçkiliyə yol verməyən zəruri hüquqi, tənzimləyici və kommersiya şərtlərinin yaradılmasında köməklik göstərməyə hazır olacaqdır”.
5-ci bənddə Azərbaycan qazının Avropa bazarlarında ayrı-seçkiliyə yol vermədən yerləşməsi üçün müvafiq şəraitin yaradılması da nəzərdə tutulur. Cənub Qaz Dəhlizi həm Azərbaycanda hasil edilən, həm də Azərbaycandan kənarda olan təbii qazın nəqli üçün nəzərdə tutulduğundan, təbii, prezidentlər təchizatçı və ya istehlakçı qismində olan digər maraqlı tərəfləri Cənub Qaz Dəhlizinin növbəti inkişaf mərhələsində iştirak etmək imkanlarından faydalanmağa dəvət edirlər.
Əminəm ki, hörmətli deputatlar Birgə Bəyannamənin strateji əhəmiyyətini nəzərə alaraq “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin qəbul edilməsini dəstəkləyib, lehinə səs verəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ, “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev danışacaq.
Ç. Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunmuş “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Saziş 2009-cu il iyul ayının 16-da Qırğız Respublikasında TRASEKA hökumətlərarası komissiyasının nəqliyyat nazirlərinin 7-ci illik iclasında iştirak edən dövlətlər tərəfindən imzalanmışdır. Saziş 12 ölkə arasında multimodal daşımalarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin hüquqi əsasını yaratmaq məqsədi ilə imzalanmışdır. Bildiyiniz kimi, Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək tarixi İpək Yolunun bərpa olunması sahəsində TRASEKA proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir.
Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanın nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dərindən dərk edən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 8-də Bakı şəhərində 9 ölkənin dövlət başçısının iştirak etdiyi tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASE-KA proqramı əsasında Avropa, Qafqaz, Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.
TRASEKA proqramı XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafının təmin edilməsi nə qədər tez mümkün olsa, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Avropaya inteqrasiyası bir o qədər sürətli olacaqdır. Hesab edirəm, Azərbaycan Respublikasının TRASEKA proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Bu Saziş komitəmizdə müzakirə edilmiş və ratifikasiya olunması üçün yekdilliklə səs verilmiş və Milli Məclisin iclasına təqdim edilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, dördüncü məsələ Azərbaycan Respublikası Pre-zidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyurun, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva.
S. Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Birgə Bəyannamənin əsas məqsədi Azərbaycanla Latviya arasında münasibətləri inkişaf etdirməkdir. Latviyanın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və qanunlar çərçivəsində həll edilməsinə tərəfdar olmaqdır. Bunları nəzərə ala-raq komitəmiz bu qanun layihəsinin lehinə yekdilliklə səs verib.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyu-run, Ziyafət Əsgərov.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sevinc xanım artıq bəyannaməni təqdim etdi. Mən də hesab edirəm ki, bu bəyannamənin ruhuna uyğun olaraq sizə təqdim olunmuş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə əlaqədar saziş Azərbaycanın milli, dövlət maraqlarına tamamilə uyğundur. Xahiş edirəm, bu sazişə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Sevinc Fətəliyeva.
S. Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti∕xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Bir neçə dəfə Azərbaycanla müxtəlif regionların ölkələri arasında viza tələbinin ləğv edilməsi haqqında sənədləri təsdiq etmişik. Burada Fransa, Avstriyanı qeyd etmək olar. Bu gün Yaxın Şərqdə xüsusi nüfuza malik olan Küveytlə viza tələbinin ləğv edilməsi bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti düzgün və müdrik aparılır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu qanun layihəsinə yekdilliklə səs verib.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.46 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Əli Hüseynli.
Ə. Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bir qanuna və iki məcəlləyə dəyişikliklər təklif olunur. Birinci, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklik qanunun 10-cu maddəsinin IX hissəsinin yeni redaksiyada verilməsi ilə bağlıdır. Bu, qanunvericilikdə mövcud olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə həyata keçirilir. Məlumat üçün bildirmək istəyirəm ki, 2003-cü ildə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanun parlamentdə müzakirə və qəbul olunub və cənab Prezident tərəfindən təsdiq edilib. Bu siyahıda gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr də qeyd olunmuşdur. Beləliklə, qanunda gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına ancaq xüsusi icazə əsasında yol verilməsi qanunvericiliklə müəyyən edilmişdir.
Əgər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklik barədə arayışa diqqət yetirsəniz, görərsiniz ki, yeni redaksiyada göstərilən maddədən fərqli olaraq köhnə redaksiyada bu cür hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş lisenziya verilirdi. Beləliklə, bir məsələnin iki qaydada – bir halda qanunvericiliklə, lisenziya yolu ilə, digər halda isə xüsusi qaydada həlli göstərilirdi. Təbii ki, bu ziddiyyət müvafiq icra hakimiyyəti orqanları üçün çətinlik yaradır. Bu ziddiyyəti aradan qaldırmaq məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin IX hissəsi yeni redaksiyada verilir. Mən həmin hissəni oxumuram. Söhbət, bir daha qeyd edirəm ki, qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazədən gedir, lisenziyadan yox.
Amma digər iki məcəlləyə edilən əlavələr “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, eyni zamanda, adı çəkilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun tətbiqindən irəli gəlir. Qanunvericilikdə qeyd olunur ki, bu müddəaların pozulmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Hər iki əlavə təqdim olunur.
Birinci halda gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Təbii, satış məqsədi olmadığına görə burada inzibati məsuliyyətdən söhbət gedir. Amma həmin texniki vasitələrin qanunsuz istehsal edilməsi, satılması və satış məqsədi ilə əldə olunması isə artıq cinayət məsuliyyəti yaradır. Burada sanksiya min manatdan beş min manatadək cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hesab edirəm ki, bu əmələ görə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə edilən əlavələr və onların sanksiyası həmin xətaya və cinayət əməlinə prinsipcə adekvatdır. Millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Səkkizinci məsələ. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə. Əli Hüseynli, buyurun.
Ə. Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. “Yol hərəkəti haqqında” Qanunun bir neçə maddəsinə əlavələr edilir. Amma bu əlavələrin edilməsinin əsas səbəbi, əslində, sığorta qanunvericiliyinin tələblərindən irəli gəlir. Əslində, mövcud müddəalar qüvvədədir, sadəcə, nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması ilə bağlı tələblərə əlavə olunur ki, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq icbari sığortasının təmin edilməsi həyata keçirilir.
“Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi” adlandırılan 30-cu maddədə qanunvericiliklə müəyyən edilmiş sənədlərin siyahısı göstərilir. Təklif olunur ki, bu siyahıya qanunvericiliyə uyğun olaraq icbari sığorta şəhadətnaməsi də əlavə edilsin. Amma bir daha vurğulayıram ki, bu əlavələr artıq sığorta qanunvericiliyinin tələblərindən irəli gəlir. Ona görə də bu müddəalar “Yol hərəkəti haqqında” Qanuna əlavə olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F. Mustafa. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən qısaca bir məsələni aydınlaşdırmaq istəyirdim. Nəqliyyat vasitələrinin texniki vəziyyəti, onların tex-niki baxışdan keçirilməsi məsələsi cəmiyyətdə müəyyən problemlər yaradan məsələlərdir. Bununla bağlı hər hansı bir qa-nunvericiliyin tətbiqi vətəndaşların maraqlarına nə dərəcədə xidmət etməsi ilə müəyyən olunur. Nəqliyyat vasitəsinin tex-niki baxışdan keçirilməsi müddəti bir ildir. Nəqliyyat vasitəsi bu baxışdan keçirildikdən 1 ay sonra nasaz vəziyyətə gəlirsə, 11 ay müddətində yol hərəkətində istifadə oluna biləcəkdir.
Buraya sığorta qanunvericiliyinə uyğun olaraq şəhadətnamə məsələsinin əlavə edilməsi sürücülərin, vətəndaşların işini bir az da çətinləşdirəcəkdir. Bu baxımdan məsələnin həlli istiqamətində düşünmək lazımdır. Necə edək ki, texniki baxış adı ilə sürücülərin vəziyyətinin yüngülləşdirilməsi variantını tapaq? Məsələn, bir sıra ölkələrdə bu işi bələdiyyələr aparır, digər ölkələrdə sığorta şirkətlərinə aid məsələdir. Sığorta şirkəti nəqliyyat vasitəsinin texniki nasazlığının üzə çıxarılmasında daha maraqlıdır, çünki 1-2 aydan sonra nəqliyyat vasitəsi nasaz olanda ona pul ödəməlidir. Ona görə də daha ciddi yoxlayır. Bu məsələlərdə müəyyən dərəcədə əlavə qanunsuz vəsaitlərin ödənilməsinin də qarşısı alına bilər. Bu məsələyə diqqət yetirilməsini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Oqtay müəllim, son iclaslarda bir neçə dəfədir ki, “Yol hərəkəti haqqında” Qanuna müraciət edirik. Ümumiyyətlə, qanunların təkmilləşdirilməsi, qanunlarda olan bəzi boşluqların aradan qaldırılması bütövlükdə əhalinin, bu halda isə sürücülərin mənafeyinə xidmət edir. Bu qanunda bilavasitə sürücülərin və nəqliyyat sahiblərinin sığorta olunmasından söhbət gedir. Azərbaycanda sığorta institutu son vaxtlar inkişaf edir. Bu, əlbəttə, insanların maliyyə təhlükəsizliyinə xidmət edən addımlardır. Çox yüksək qiymətləndirilən dəyişikliklər, əlavələrdir. Bu dəyişiklik və əlavələrə, düşünürəm ki, bütün deputat həmkarlarım səs verəcəklər. Onu da vurğulamaq istəyirəm ki, bir sıra saytlarda Azərbaycanda son vaxtlar nəqliyyat sahəsində, yol hərəkəti qaydaları ilə bağlı atılan addımlar yüksək qiymətləndirilir. Burada qeyd olunan məsələləri yüksək qiymətləndirirəm. Bu da bizim qanun yaradıcılığı sahəsində apardığımız müsbət işlərin nəticəsidir.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, nə isə əlavə etmək istəyirsiniz?
Ə. Hüseynli. Cənab Sədr, qeyd etmək istəyirdim ki, Fazil müəllimin qaldırdığı məsələ, onun narahatlığı əsassız deyil. Məlumat üçün demək istəyirəm ki, cənab Prezidentin yol-patrul xidmətinin tənzimlənməsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq sərəncamı var. Vətəndaşlarla müvafiq orqanların birbaşa təmasının aradan qaldırılması, sənədlərin elektron variantda təqdim olunması, bu cür halların aradan qaldırılması ilə bağlı tədbirlər görülür və bu barədə əlavə məlumatlar veriləcək.
Həqiqətən, hətta texniki baxışın keçirilməsi bəzən formal xarakter daşıyır. Bu zaman qeyri-peşəkar hərəkətlərə yol ve-rilir. Qaldırılmış məsələ əsaslıdır. Şəhadətnamənin və yaxud gələcəkdə hansısa bir müddəanın buraya əlavə olunması ona görə narahatlıq yaradır ki, vətəndaş yeni sənədlər verməli, yeni problemlərlə üzləşməli olur. Biz kompleks olaraq bu məsələnin həlli üzərində çalışırıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Doqquzuncu məsələ “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Çin-giz Əsədullayev.
Ç. Əsədullayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, müzakirəyə çıxarılan qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında ölkə başçısı tərəfindən təqdim edilib. Qısa olaraq təklif olunan əlavə və dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununa sərhəddən keçən malların mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa isə gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumlarının ödənilməsi ilə bağlı əlavələrin edilməsi təklif olunur.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunun-da təsbit olunmuş notariat kontorlarının və notariat arxivinin saxlanması üçün ödəniləcək məbləğin dövlət rüsumu kimi göstərilməsi təklif olunur.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavədə gigiyenik normalara uyğunluq barədə sertifikatın verilməsi nəzərdə tutulur. Yəni qanuna edilən əlavəyə görə digər ölkələrdən gətirilən dərman vasitələrinə, həmçinin qida əlavələrinə, tibbdə işlədilən ləvazimatlara gigiyenik sertifikatın verilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, qeyd olunan dəyişiklik və əlavələr birbaşa vətəndaşlarımızın istehlakçı hüquqlarının qorunması, dövlətimiz tərəfindən bu sahələrə nəzarətin daha da gücləndirilməsi və yarana biləcək neqativ halların qarşısının alınmasında mühüm rol oynayacaqdır. Bu məsələ komitəmizdə yekdilliklə qəbul olunub. Qəbul olunmasını parlamentə də təklif edirik.
Sədrlik edən. Bu qanun layihəsinə üç komitədə baxılıb. Əli müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Musa Quliyev.
M. Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Mən “Dərman vasitələri haqqında” Qanuna edilən əlavə ilə bağlı bir məsələyə aydınlıq gətirmək istəyirəm. Hörmətli Çingiz müəllimdən də xahiş edirəm ki, bu qanun layihəsi imzaya getməmişdən öncə həmin məsələni qanun layihəsinin müəllifləri ilə bir daha aydınlaşdırsınlar. Bizim komitədə də bu məsələ müzakirə mövzusu oldu. Praktikada dərman vasitələri və preparatları Azərbaycana gətirilərkən həm qeydiyyatdan keçirilir, həm də müxtəlif laborator-kimyəvi analiz aparılır, uyğunluq sertifikatı və standarta uyğun olub-olmaması barədə sənəd verilir. Məhz buna görə də rüsum ödənilir.
Edilən əlavədə yazılır ki, dərman vasitələri və maddələrinə gigiyenik sertifikatın verilməsi üçün də dövlət rüsumu ödənilir. Deməli, burada ikiqat rüsumdan söhbət gedir. Biz bunu layihənin müəllifləri ilə – həm Nazirlər Kabineti, həm də Səhiyyə Nazirliyi ilə aydınlaşdırdıq. Onlar izah etdilər, hörmətli Çingiz müəllim də qeyd etdi ki, burada gigiyenik sertifikatın verilməsi məsələsi yalnız bioloji aktiv qida əlavələrinə aiddir, digər dərman preparatlarına aid deyil. Amma qanun layihəsində bu məsələ görünmür. Belə çıxır ki, bütün dərman preparatları həm standartlara uyğunluq sertifikatına, qeydiyyata, həm də gigiyenik sertifikatın verilməsinə görə rüsuma cəlb olunacaqdır. Mən xahiş edirəm, mümkünsə, burada “və” sözündən sonra “qida əlavələrinə gigiyenik sertifikatın verilməsi” sözlərini yazaq, yaxud da biz qanun müəllifləri ilə razılaşdıraq ki, cənab Prezidentin imzasına gedərkən “qida əlavələri” sözləri əlavə olunsun. Olduğu ki-mi qalarsa, bütün dərman vasitələri artıq 2 dəfə rüsuma cəlb ediləcəkdir. Bu da, təbii ki, dərman vasitələrinin bahalaşmasına gətirib çıxara bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Oruc. Cənab Sədr, mən də hörmətli Musa müəllimin fikri ilə razıyam. Bir az da onu irəliyə aparmaq istəyirəm. Təxminən 3 il öncə biz dövlət rüsumu haqqında qanunvericiliyə baxaraq, xüsusilə də tibbi sahədə rüsumları artırdıq. Həmin müzakirələr zamanı biz soruşduq ki, bunların üzərində hansı institutlar işləyib, ümumi dövriyyəsini hesablayıb, Azərbaycanda tibb sahəsində sahibkarlığın vəziyyətini dərindən araşdırıbmı? Bu rəqəmlərin haradan götürüldüyü bəlli deyildi. 2-3 il yetərli oldu ki, həmin rəqəmin, 5500 manatın, doğrudan da, haradan götürüldüyünü və sahibkarlıq şəraitinə çox ağır zərbə vurduğunu qeyd edək.
İndi hörmətli Musa müəllim dedi ki, hələ biz dərman vasitələri üzərində də ikiqat rüsum tətbiq edirik. Yeri gəlmişkən, qanunvericilik sistemində də korrupsiya nöqteyi-nəzərindən ekspertiza keçirilməsi ən mühüm məsələ kimi mey-dana çıxır. Ona görə də mən hesab edirəm ki, biz bu sahədə sahibkarların vəziyyətini yaxşılaşdıran addım atmalıyıq. Buradakı ayrı-ayrı maddələr belə problemlər doğura bilər. Mən təklif edirəm ki, keçmişdə qəbul etdiyimiz rüsumun kifayət qədər yüksək olduğunu, stimul yaratmadığını nəzərə alaraq onu da yenidən azaldaq. İkiqat rüsuma cəlb olunmanı da aradan qaldıraq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, həmin qanun layihəsi 2011-ci il fevralın 15-də imzalanaraq göndərilibdir. Bəlli olduğu kimi, həmin tarixdən sonra ölkə Prezidentinin xüsusi tapşırığı ilə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə başlayıbdır. Ona görə də mən Musa müəllimin söyləmiş olduğu fikirlərə tamamilə haqq qazandırıram. Belə bir düzəlişin, əlavənin qəbul edilib-edilməməsi məsələsi, xahiş edərdim ki, işçi qrupu səviyyəsində müzakirəyə çıxarılsın. Kifayət qədər şübhə doğuran əlavə rüsumların, bu sahənin iş adamları ilə münasibətlərin xoşagəlməz istiqamətdə getməsinin qarşısını almaq və şübhəli məqamları aradan qaldırmaq üçün həmin məsələyə yenidən baxılmasına, düşünürəm ki, çox ciddi ehtiyac var. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım, mən Musa müəllimin narazılığını başa düşürəm. “Yeyinti məhsulları haqqında” Qanun 1999-cu ildə bizim komitə tərəfindən təqdim olunmuşdu. Həmin qanunun 7-ci maddəsinə məhz yeyinti məhsullarına gigiyenik sertifikat verilməsinə görə dövlət rüsumu əlavə edilir. Qida əlavələri ilə əlaqədar, Musa müəllim, deyim ki, başqa maddələr də var. Bu qanun çox əhatəli, tam mənası ilə bütün sahələri əhatə edən bir qanundur. Düzdür, qida əlavələri ilə əlaqədar olaraq konkret yadımda deyil. Amma bunlar var. Bu maddə “Yeyinti məhsullarının dövlət gigi-yena qeydiyyatı” adlanır. Ona görə buraya edilən əlavədə deyilir: “Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.” Burada müxtəlif ərzaq növlərinin eyni ad altında və ya eyni yeyinti məhsullarının bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr olan yeyinti məhsullarından söhbət gedir. Ona görə hesab edirəm ki, bu əlavə yerindədir. Xahiş edirəm, qanun layihəsini səsə qoyasınız.
Sədrlik edən. Əli Hüseynli.
Ə. Hüseynli. Çox sağ olun, cənab Sədr. Eldar müəllimin fikrini davam etdirmək istərdim. Bu qanunlara əlavələr və dəyişikliklər edilməsinə baxmayaraq, əslində, heç bir yenilik gətirmirik. Məsələn, “Notariat haqqında” Qanunda “əlli beş manat məbləğində haqq” sözlərini çıxarırıq və əvəzinə “dövlət rüsumu” sözlərini yazırıq. Bu o demək deyil ki, biz yenidən dövlət rüsumu müəyyənləşdirəcəyik. Qeyd etmək istəyirəm ki, “Yeyinti məhsulları haqqında” və “Dərman vasitələri haqqında” qanunların tələblərinə uyğun olaraq gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu artıq müəyyənləşdirilib və “Dövlət rüsumu haqqında” Qanunda bu var. Notariatlarla bağlı dövlət rüsumu buradakı məbləğdən hələ bir az da artıqdır. Demək istəyirəm ki, bu mübahisənin predmeti, əslində, yoxdur. Xahiş edirəm, bunu nəzərə alın. Yəni dövlət rüsumu haqqında müddəaları dəqiqləşdiririk. Bunlar artıq müəyyənləşdirilib. Çox sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, izah olundu. Çingiz müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin sonuncu məsələsi “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əlavə barədə qanun layihəsidir. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, cənab Sədr. Mahiyyət nədən ibarətdir? Bildiyiniz kimi, uzun illərdir ki, çoxlu narazılıqlar var idi. Yerlərdən bizə müraciətlər olurdu. Parlamentdə də bu məsələ bir neçə dəfə səslənmişdi. Mən fürsətdən istifadə edib, Oqtay müəllim, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz dəstək oldunuz və bu layihəni biz tezliklə ortaya qoya bildik.
Burada söhbət ondan gedir ki, Qarabağ əlili mənzil növbəsinə dururdusa, mənzili almağa bir ay qalmış, iraq olsun, həyatını dəyişəndə, həmin adamın ailəsinə mənzil ver-ilmirdi. Bu, əlbəttə, çox ədalətsiz bir məsələ idi.
Möhtərəm Prezidentimizin son vaxtlar bu sahədə apardığı ardıcıl işin nəticəsi olaraq biz bunu gündəmə gətirdik, par-lamentin komitəsində məsələ müzakirə olundu və beləliklə, biz adı çəkilən qanunun 43-cü maddəsinə 6-cı abzası əlavə etdik: “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.” Beləliklə, mənzil uçotu onun ailəsi üçün saxlanılır. Xahiş edirəm, bu layihəyə səs verilsin.
Sədrlik edən. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Əvvəla, istərdim ki, bu cür zəruri və insanların faydasına yönələn belə bir əlavənin edilməsində xidməti olan hər bir kəsə, xüsusilə Hadi müəllimə, parlament rəhbərliyinə təşəkkür edim. Bəlkə də bizim üçün kiçik görünən bir problemdir. Azərbaycanda bütün icra hakimiyyəti orqanlarında mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı növbələr müəyyən olunub. Təbii, dövlət axır vaxtlar evlər tikmir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə tikilən evlərə də tələbat çoxdur. Çox insanlar müraciət eləyirlər. Növbə məsələsində müəyyən ədalətsizlik artıq söhbət mövzusudur. Bəzən insanlar illərlə növbədə olmalarına baxmayaraq, ev ala bilmirlər. Əgər hazırda 10-cu sıradadırlarsa, 5 ildən sonra birdən 15–20-ci sıraya düşürlər. Hansı meyarlarla bu müəyyən olunur?
Əlillərə münasibətdə müəyyən ciddi narahatlıqlar yaşanır. Əlil özü rəhmətə gedir. Əlil təkcə özü üçün ev almır, yaxud da növbəyə özü üçün durmayıb. Əlil birinci növbədə ailəsi üçün mənzil növbəsinə durubdur. O, dövlət, Vətən yolunda gedən müharibədə şikəst olub. Ömrünün qısa olmasının da səbəblərindən biri onun aldığı xəstəlik, əlillik, şikəstlikdir. Belə bir məqamda özü rəhmətə gedən, dünyasını dəyişən kimi onu növbədən çıxarırlar.
Çox müsbət bir dəyişiklik hesab edirəm və düşünürəm ki, bunu daha da dərinləşdirmək lazımdır. Bu sahədə indiyə qədər olan ədalətsizliyin ortadan qaldırılması üçün müraciət etmək imkanı yaratmaq lazımdır. İndiyə qədər bu siyahıdan çıxarılan onlarla insan var. Biz qanunda dəyişiklik etməklə kifayətlənməyək, həmin insanların hüquqlarının yenidən bərpası istiqamətində addımlar atılması üçün şərait yaradaq. Onlarla adam müraciət edir ki, anası, atası, ailəsi kimsəsiz, baxımsız qalıbdır, yoldaşı əlil olduğuna görə vəfat edibdir və o, vəfat etdiyinə görə ev ala bilmir, növbədən çıxarılıbdır. Bir daha bu əlavəyə görə təşəkkür edirəm. Mən hamını bu qanun layihəsini dəstəkləməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadənin sualı var. Buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim sualımı Fazil müəllim səsləndirdi. Mən bilmək istəyirəm, bu əlavə əvvəlki situasiyanın yaratdığı problemi həll edəcəkmi? Yoxsa bundan ötrü qanuna müəyyən dəyişiklik etmək lazımdır? Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı, buyurun.
M. İbrahimqızı. Oqtay müəllim, çox sağ olun. Mən 2005-ci ili xatırlayıram. Siz ilk dəfə spiker seçiləndə qarşımızda belə bir məsələ qoydunuz ki, biz yeni qanunlardan daha çox qəbul etdiyimiz qanunların gündən-günə təkmilləşdirilməsinə çalışmalıyıq. Siz söylədiniz ki, dövlətimiz gündən-günə güclənir. Güclənən dövlətdə də qanunlar gündən-günə təkmilləşdirilməlidir. Bu qanun da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial yönümlü layihələrin bir nöqtəsidir, hissəsidir. Mən də bu əlavəni çox yüksək qiymətləndirirəm. Komissiyamızın sədri Hadi müəllimə də minnətdaram ki, bunu tez araya, ərsəyə çıxarmağa şərait yaratdı.
Mənim bir xahişim var, Oqtay müəllim. Bu gün ölkəmizdə Qarabağ müharibəsi ilə bağlı 200-ə yaxın Milli qəhrəman ailəsi var. Mübariz İbrahimovun simasında möhtərəm Prezi-dentimizin Qarabağ müharibəsində iştirak edənlərə, əlillərə və Milli qəhrəmanlara necə böyük diqqət göstərdiyinin şa-hidi olduq. O, hər bir Azərbaycan vətəndaşına da örnək oldu. 2010-cu ildə “İlin adamı” seçilməsinə baxmayaraq, bu adın Mübariz İbrahimova verilməsini təklif etdi. Mən sizdən çox xahiş edirəm, Azərbaycanın mübariz jurnalist qadını, Milli qəhrəman Salatın Əsgərovanın yeganə övladı atasız, anasız böyüyübdür və bu günə qədər də mənzilsizdir. İki yüzə yaxın milli qəhrəmanın xeyli hissəsi ev alıbdır. Sovet vaxtı qanun var idi ki, növbədənkənar və əlavə mənzillər ve-rilirdi. Belə bir gözəl əlavə edirik. Milli qəhrəmanların növbədənkənar mənzil almaları məsələsi qoyulsa, onlar üçün bir bina tikilsə, bütün problemlər həll olunar. Bu qanun layihəsinə səs verəcəyəm və bütün həmkarlarımı da buna çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Əlbəttə, mən qa-nun layihəsini dəstəkləyirəm, müdafiə edirəm, ona səs verəcəyəm. Düşünürəm ki, bu qanuna əlavə müdafiə olunmalıdır. Bu əlavə mahiyyət etibarilə təkcə humanizmi ifadə et-mir, həm də Vətən yolunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş insanlara dövlətimizin qayğısının ifadəsi kimi qiymətləndirilməlidir və buna bütün millət vəkilləri müsbət münasibətlərini ifadə edəcəklər.
Lakin bununla bərabər, cənab Sədr, mənim qarşılaşmış olduğum bir faktı, düşünürəm ki, diqqətə çatdırmağa ehtiyac var. Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmalarda həlak olmuş bir şəxsin ailəsi bu gün ən müxtəlif mərhələlərdə müraciət etməsinə baxmayaraq, Bakı şəhərində mənzil almaq üçün qeydiyyata götürülmür. Vaxtilə Ermənistandan deportasiya olunan, 1988-ci ildə Azərbaycana gələn və Bakı şəhərində məskunlaşan, işləyən bir insandan bəhs edirəm. Sonradan, 1990-cı ildə Ayaz Mütəllibovun hakimiyyətə gəlişi dövründə, xatırlayırsınızsa, Ermənistandan gələn soydaşlarımız kütləvi şəkildə çox böyük haqsızlığa və ədalətsizliyə məruz qalaraq ölkənin ən müxtəlif, xüsusi olaraq ermənilərlə ciddi təmas nöqtələrinə, müharibənin getdiyi yerlərə ikinci dəfə deportasiya olundular.
Bu ailə artıq özünün böyüyünü, ailə başçısını müharibədə itiribdir. Onlar deportasiya nəticəsində Xanlar ərazisində məskunlaşdıqdan sonra ailə başçısı Qarabağ uğrundakı döyüşlərdə şəhid olubdur. Bu ailə sonradan Bakıya gəlibdir və nəhayət, 2 ildən yuxarıdır Bakı şəhərində qeydiyyata alınıbdır. Bu şəhid ailəsi mənzil almaq üçün qeydiyyata alına bilmir. Səbəb də bu göstərilir ki, Bakıda mənzil növbəsinə alınmaq üçün 5 il qeydiyyat müddəti lazımdır. Bu, ümumi vətəndaşlar üçündür. Lakin düşünürəm ki, hörmətli Hadi müəllim, məncə, Milli Məclisin rəhbərliyi səviyyəsində istisna bir hal müəyyənləşdirilməli, bu cür şəhid ailəsi mənzil növbəsinə götürülməlidir. Bu cür insanlar, ola bilsin ki, barmaqla sayıla biləcək saydadırlar. Mən çox arzulayardım və istərdim ki, biz bu cür ailələrin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklər edək. Bu çox ədalətli və haqlı bir dəyişiklik olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, mənim kiçik bir sualım var. Xahiş edərdim, Hadi müəllim ona aydınlıq gətirsin. Düşünürəm ki, bu bütün həmkarlarımız üçün maraqlı olar. Doğrudan da, qanuna çox əhəmiyyətli bir əlavə edirik. Onun üzərində dayanmaq istəmirəm. Hörmətli həmkarım Fazil müəllim bunu çox geniş izah etdi. Biz yaxşı bilirik ki, vəziyyəti yüngülləşdirən qanunun geriyə qüvvəsi var. Yəni demək istəyirəm ki, bu əlavədən əvvəl dünyasını dəyişmiş insanların mənzil növbələri bərpa ol-unacaq, yoxsa yox? Bu qanun onlara şamil olunacaq, yoxsa yox? Amma qanunun ümumi ruhuna görə şamil olunmalıdır. İstərdim, buna hörmətli Hadi müəllim aydınlıq gətirsin.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu qanun layihəsini bütövlükdə dəstəkləyirəm. Çıxış etmək fikrim yox idi. Lakin həm Hadi müəllimin, həm də Fazil müəllimin bir fikri məni çıxışa vadar etdi. Hadi müəllim qeyd etdi ki, ədalətsizlik var idi və bu ədalətsizlik aradan qaldırıldı. Yəqin Hadi müəllim nəzərdə tuturdu ki, qanunda boşluq var idi, boşluq aradan qaldırıldı. İndiyə qədər dünyada görünməmiş bir haldır. Hələ döyüş vəziyyəti, müharibə şəraiti olduğuna baxmayaraq, Qarabağ müharibəsi iştirakçılarına, əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən dəfələrlə mənzillər, nəqliyyat vasitələri verilmişdir. Bu gün 10 minə yaxın Qarabağ müharibəsi iştirakçısı və əlillərinə, şəhid ailələrinə maşınlar və mənzillər verilibdir. Dövlət Neft Fondunun vəsaiti ilə qaçqınlar üçün bu qədər qəsəbələr salınır, evlər tikilir.
Haradadır ədalətsizlik? Sadəcə, qanun işləndikcə qanunda olan boşluqlar ortaya çıxır. Yəni biz qanunu yazanda fikirləşmirik ki, əlil, şəhid ailəsi vaxtı çatanda dünyasını dəyişəcək və onun növbəsi övladına keçsin. Məhz belə bir boşluğu aradan qaldırdığına görə cənab Prezidentə bir daha təşəkkürümüzü bildiririk. Bu məğzi tutdu və Milli Məclisə təqdim etdiyi əlavəni Milli Məclis yekdilliklə qəbul edir. Xahiş edirəm, belə fikirlər söyləyəndə hər kəs ifadələrinə fikir ver-sin, bu dövlətdə ədalətsizlik yoxdur. Bu dövlətdə həmişə ədalət var, insanlara ədalətlə xidmət edilir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu məsələnin müzakirəsinə başlayanda deyildi ki, inkişaf getdikcə biz qanunları təkmilləşdiririk, dəyişirik. Söhbət bu qanuna edilən əlavədən gedir. Bu gün təklif olunan əlavənin məğzindən danışdıq. Tək-tək insanlar haqqında çıxışlar oldu. Bunlar tamam başqa məsələdir. Bu qanuna edilən əlavənin məğzi budur ki, vaxtilə qa-nunda olan boşluq aradan qaldırılır. Həyatını itirən Qarabağ əlilinin, iştirakçısının mənzil növbəsi onun ailəsinə keçir. Qanunun mənası budur. Musa Qasımlı.
M. Qasımlı. Təşəkkür edirəm, Oqtay müəllim, bu qanunun mahiyyəti ilə bağlı deyildi. Sadəcə, bir məsələni Sizdən xahiş edirəm. Bu əlavənin bütün xalqa çatdırılmasından ötrü Hadi müəllim, ya da bu məsələyə məsul olan şəxslər televiziyada çıxış etsinlər. Bu əlavənin televiziya vasitəsilə insanlarımıza çatdırılmasının çox böyük əhəmiyyəti olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.23 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.