08.04.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ

PROTOKOLU № 12

Milli Məclisin iclas salonu.
8 aprel 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 98
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elmar Qədirov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Viza şöbəsinin müdiri.
Emil Səfərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin əməkdaşı.

*   *   *

Pərviz Musayev, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini.

*   *   *

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə na-zirinin müavini.
Namiq Xəlilov, Azərbaycan Respublikası Maliyyə Nazir-liyinin Sığorta nəzarəti şöbəsinin müdiri.
Azər Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Re-spublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
4. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Abel Məhərrəmov, Aydın Mirzəzadə, Fazil Mustafa, Fəzail Ağamalı, İqbal Ağazadə, Musa Qasımlı, Azay Quliyev, Elmira Axun-dova, Sabir Rüstəmxanlı, Fərəc Quliyev, Bahar Muradova, Elman Məmmədov

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 6
İştirak edir  103
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Azay Quliyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Hadi Rəcəbli, Çingiz Qənizadə, Hikmət Atayev, Ziyafət Əsgərov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, İsa Həbibbəyli, Çingiz Qənizadə, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir  94
Nəticə: Qəbul edildi

4. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuşda).

Çıxış etmişlər: Bahar Muradova, Ziyad Səmədzadə, Hadi Rəcəbli, Əli Məsimli, Elmira Axundova, Ziyafət Əsgərov, Vahid Əhmədov, Musa Quliyev, Leyla Abdullayeva, İlham Məmmədov, Cavid Qurbanov, İlyas İsmayılov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələr (saat 14.19 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir  96
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–25-ci maddələri qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.06 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Təklif: 26–32-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.07 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Təklif: 33–54-cü maddələr qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.07 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Təklif: 55–62-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.08 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Təklif: 63–69-cu maddələr qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Təklif: 70–75-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.09 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN İCLASI

8 aprel 2011-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

 
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 98
Yetərsay  83

Çox sağ olun, yetərsay var.
Gündəlikdə 4 məsələ var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 6
İştirak edir  103
Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik təsdiq edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Milli Məclis ölkənin qanunverici orqanı kimi respub-likada ictimai-siyasi proseslərin normal, dinc məcrada, hüquq müstəvisində inkişafında maraqlıdır. Belə olan təqdirdə, heç şübhəsiz ki, mən Milli Məclisin üzvü kimi bir sıra siyasi qüvvələrin 2 apreldə keçirdiyi aksiyaya münasibət bildirmək istərdim. Əlbəttə ki, bu tədbir mənim üçün siyasi və dini radikalların birləşmiş aksiyası idi. Düzdür, biz meydanda yaşıl və qırmızı bayraqları yanaşı görmədik, amma sizi tam əmin edirəm ki, qarşıdakı dövrdə bunu görəcəyik. Çünki si-yasi müxalifətin zəif olmasından istifadə edən bir sıra qüvvələr, – onlar həm də ölkənin xaricindədirlər, – Azərbaycana dinin ixracı modelində bir siyasət sərgiləmək istəyirlər və dinin dövlət idarəçiliyinə iddiası başlanıb. Onların ek-stremist, radikal təmayüllüləri ilə dediyimiz müxalif dairələr birləşməkdədir.
Mənim üçün həmin aksiya, eyni zamanda, normal dövlət quruluşuna etiraz eləyənlərin, sivil, açıq dövlət modelinə fərqli mövqedə olanların tədbiri idi. Ancaq bu tribunadan onu keçirənlərə, bu ideyanı irəli sürənlərə suallarım var. Məsələn, Fəvvarələr meydanı, doğrudanmı, elə bir hərbi, strateji yüksəklik idi ki, ora daxil olaraq 50 şüar səsləndirməyin 2 apreldə itirilmiş Kəlbəcərin qayıtmasına bir təsiri olacaqdı? Doğrudanmı, bu, Murovda ermənilərlə üz-üzə dayanmış Azərbaycan əsgərinin əhvali-ruhiyyəsinə, onun psixoloji du-rumuna müsbət bir təsir edəcəkdi?
Dünyada sərbəst toplaşmaq, həqiqətən də, hökumətin fəaliyyətinə alternativ mövqe göstərmək vasitəsidir. Bizdə isə sərbəst toplaşmaq sərbəst vuruşmaq, sərbəst toqquşmaq, sərbəst çarpışmaq azadlığı kimi özünü təzahür etdirir. Mən elə hesab edirəm ki, bütün bu suallara onların cavabları da, yəqin, sizi təəccübləndirərdi. Biri belə qeyd eləyib: “Əsas o deyildi ki, ora nə qədər adam gəlib, əsas o idi ki, bizi “Eu-ronews”də, “Əl-Cəzirə”də və “CNN”də göstəriblər. Elə isə mən onlara təklif edirəm ki, məsələn, Horadizdə, yaxud Ağdamın Ergi düzündə Qarabağla bağlı bir aksiya keçirsinlər. Həmin kanallar bir dəqiqəsi 100 min dollarla ölçülən infor-masiya məkanıdır. Qoy onları bu işə cəlb eləsinlər və bu, Azərbaycanın təqdimatı olsun.
Cənab Sədr, mən burada bir sənədi nümayiş etdirmək istəyirəm. Bu, Fransa dövləti ilə Liviya Xalq Cəbhəsi arasında bağlanan neft müqaviləsidir. Gizli bir sənəddir, amma mətbuata sızıbdır. Bu sənədə görə xalq cəbhəsi gələcək dövrdə Liviyanın neftinin 35 faizini Fransaya verir. Ona görə də Sarkoziyə “cənab 35” deyirlər. Mənim üçün maraqlıdır, Azərbaycanın siyasi qüvvələri buna bənzər hansı iqtisadi və siyasi öhdəlikləri götürüblər? Mən əminəm ki, belə bir öhdəlik var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov, buyurun.
A.Məhərrəmov. Mən ilk növbədə hörmətli həmkarım Zahid Orucun fikirlərini dəstəkləyirəm və bəyənirəm. Ona görə də bu barədə öz fikrimi demirəm, vaxtımı digər məsələyə həsr etmək istəyirəm. Bu da bilavasitə təhsillə bağlıdır. Biz bu gün müharibə şəraitində yaşayırıq. Bütün strateji istiqamətlərin ən zirvəsində hərbi məsələlər durmalıdır, ancaq bununla bərabər, elm, təhsil məsələlərini də yaddan çıxarmamalıyıq. Bir çox hallarda buna böyük diqqət yetirməliyik. Fikrim qısa, aydın və iki istiqamətdədir. İki istiqamət də bir nöqtədə kəsişir. Bu da magistratura və doktoranturada təhsil alan tələbələrin hərbi xidmətə çağırılması ilə bağlıdır. Düz-dür, hər bir Azərbaycan gənci 35 yaşına qədər hərbi xidmətə getməlidir, borcunu verməlidir. Lakin təcrübə göstərir ki, son zamanlar magistratura pilləsində təhsil alan tələbələrin hərbi xidmətə cəlb olunması ilə əlaqədar bir çox problemlər ortaya çıxır.
Məndə statistik məlumatlar var. Bu tədris ilində Bakı Dövlət Universitetində 988 nəfər magistratura pilləsində təhsil alır. Bunların 687 nəfəri qız, 301 nəfəri, yəni 29 faizi oğlandır. Oğlanların da əksəriyyəti növbəti il hərbi xidmətə çağırılacaqdır. Sual olunur ki, gələcəkdə elmi kim qabağa aparmalıdır, elmi zirvələri kim fəth etməlidir? Təcrübə göstərir ki, qızlar çox zaman ailə həyatı qurur və bu yolu da-vam etdirə bilmirlər.
İkinci problem də onunla bağlıdır ki, hətta əyani şöbədə oxuyan magistrlər dövlət qulluğuna işə qəbulla bağlı elan çıxan zaman ərizə verib işə qəbul olunurlar, sonra da rektor-luğa müraciət edirlər ki, bizi azad edin, artıq işlə təmin ol-unmuşuq. Hər iki proses bu gün təhsil sistemində böyük de-formasiyalara səbəb ola bilər. Məlumdur ki, möhtərəm Prezidentimizin sərəncamları, çoxsaylı dövlət proqramları ilə Azərbaycanda elm və təhsil inkişaf edir və biz onun qar-şımızda qoyduğu əsas məsələ – Azərbaycanın iqtisadi poten-sialını elm, təhsil kapitalına çevirmək istiqamətində addım-lar atırıq. Ona görə təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsin və gündəliyə çıxarsınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Son günlərdə müxalifətin radikal, eyni zamanda, parlamentdənkənar qanadının Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma cəhdlərinə əhəmiyyət verməmək olardı. Cəmi 200–300 nəfərin şəhərin mərkəzi meydanında çığıra-çığıra, heç bir şüar irəli sürmədən hay-küy salması, açığını deyim,  9 milyon əhalisi olan bir ölkə üçün elə böyük bir hadisə deyil. Amma diqqəti cəlb edən bu qanadın bütün şüarlarının xaricə səslənməsi, bu kiçik dəstənin keçirdiyi tədbirin çox qısa bir zamanda beynəlxalq aləmdə kütləvi informasiya vasitələrində işıqlandırılmasıdır. Ən qəribəsi isə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin onlara dəstək verməsidir.
Azərbaycan demokratik ölkədir və onun vətəndaşlarının Konstitusiya və qanunların onlara verdiyi hüquqlar çərçivəsində hərəkət etmək haqları var. Bu baxımdan Azərbaycanda problem yoxdur, ancaq maraqlısı ondan ibarətdir ki, radikal qanad hüquqlarını bildiyi halda, vəzifələrini bilmək istəmir. Vəzifə isə qanunlara hörmət etmək və qanunlar çərçivəsində hərəkət etməkdən ibarətdir.
Azərbaycan dövlətinin bu gününün və sabahının məsuliyyətini təkcə iqtidar daşımır. Onun məsuliyyət hissi iqtidarla bərabər, müxalifətin də çiyninə düşür. Mən hesab edirəm ki, bu gün parlamentdə təmsil olunan müxalifət partiyaları bu məsuliyyət hissini hər halda çiyinlərində daşıyırlar. Amma gəlin, görək, 9 milyon əhalisi olan dövlətə rəhbərlik etmək iddiasında olan insanlar həmin məsuliyyəti çiyinlərində daşımaq istəyirlərmi? Milli maraqları müvafiq səviyyədə qoruyurlarmı? Bu gün Azərbaycanın milli maraqlarını nələrəsə dəyişdiklərinin fərqindədirlərmi? Azərbaycana nə etmək istəyirlər? Azərbaycanı hansı Afrika və ya Asiya ölkəsinə çevirmək məqsədindədirlər? Məqsədləri hakimiyyət naminə bütün Azərbaycanı satmaq, bütün Azərbaycanı girova qoymaqdırmı?
Mənə elə gəlir ki, bunlar ciddi məsələlərdir və onlara qarşı mübarizədə ictimai fikir də böyük rol oynamalıdır. Ziyalıların bu məsələyə münasibət bildirməsi çox təqdirəlayiq bir haldır. Ayrı-ayrı ictimai təşkilatların, sosial təbəqələrin buna münasibət bildirməsi ciddi ictimai müqavimətin olduğunu göstərir. Bu baxımdan dövlətin bu məsələdə prinsipial mövqeyi başa düşüləndir və qəbul ediləndir. Mən çox istərdim ki, bu gün siyasi fəaliyyət göstərən və Azərbaycanın adından danışmaq iddiasında olan kəslər öz fəaliyyətlərinin nəyə gətirib çıxardığının, şəxsi mənafeləri üçün cəmiyyətin, dövlətin, xalqın mənafeyini güdaza vermək istədiklərinin hər halda fərqində olsunlar və bilsinlər. Bir qrup insan Azərbaycanın ziyanına olan istədikləri addımı ata bilər, amma Azərbaycanın əksəriyyəti, Azərbaycan xalqı...
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, son günlərin bəlkə də ən çox müzakirə olunan mövzularından biri müxalifətin müəyyən bir hissəsinin atdığı addımlarla bağlıdır. Məncə, bu bir hüquqdur, hüququn reallaşması isə hər bir siyasi partiyanın özünün seçiminə buraxılır. Amma biz arzu edərdik ki, müxalifətin müəyyən hissəsi də Azərbaycanın gələcəyi ilə bağlı daha məsuliyyətli addımlar atsın. Yəni bugünkü müxalifətin vəzifəsi birinci növbədə hakimiyyəti islahatlardan çəkindirmək yox, islahat-lara təşviq etməkdir. Mən hesab edirəm ki, bundan sonrakı tədbirlərin daha çox qanunda nəzərdə tutulan yerdə keçirilməsi insanların həbs olunmasını və əziyyət çəkməsini ortadan qaldıra bilər. Amma bunu qınamağı, ümumiyyətlə, müxalifətin hər hansı bir tədbir keçirməsinə qarşı sərt münasibət bildirməyi də hüquqi cəhətdən düzgün hesab eləmirəm.
Amma mən daha aktual olan başqa bir məsələyə toxun-maq istəyirəm. Mitinq olar, dağıdılar, kimlərsə tutular, buraxılar və sair. Amma bu proseslərin ailə həyatına, şəxsi həyata, insan münasibətlərinə çökməsi olduqca ciddi təhlükədən xəbər verir. Cəlilabadda baş verən hadisə o qədər siyasiləşdirilməsə də, amma içində bir siyasi motiv var. Sumqayıtda birinci sinif şagirdinə hicab məsələsi əsas götürülərək məktəbə gəlməmək tapşırılır. Sonradan irəli sürülən arqumentlər inandırıcı görünmür. Yanvar ayından belə bir təlimat verilibsə, niyə məhz atası mitinqə getdiyinə görə məktəbdən uzaqlaşdırılır?
Digər tərəfdən, evlərin qabağında piket keçirmək də doğru deyil. İstər iqtidar olsun, istərsə də müxalifət, fərqi yoxdur, siyasi münasibətləri ailələrə, evlərə daşımaq oldu-qca təhlükəlidir. Bu gün, ola bilsin ki, bundan kiçik bir səmərə əldə etmək olar. Amma bunun gələcəkdə ictimai münasibətləri zədələmə ehtimalı o qədər böyükdür ki, bundan çəkinmək lazımdır.
Sonra, ola bilsin, bir ailədə bir qardaşın o biri qardaşla mövqeləri üst-üstə düşmür. Amma 4–5 qohumun eyni vax-tda dindirilməyə cəlb olunması, yaxud da onlara xəbərdarlıq edilməsi taktikasından, məncə, yavaş-yavaş imtina etmək lazımdır, çünki biz hüquqi dövlət qururuqsa, məsuliyyət fərdidir. Hər bir şəxsin özünün ictimai qaydanı pozmaqla bağlı konkret məsuliyyəti varsa, bu məsələ birbaşa onun özünə aid olmalıdır. Bu cür məsələlərdə hədsiz aqressivlik, bu münasibətlərin şəxsi həyata çökməsi gələcəkdə böyük narahatçılıqları ortaya qoyacaqdır. Bunu deməyi özümə borc bilirəm. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən həmkarlarımın bir sıra fikirlərini dəstəkləyirəm. Xüsusi olaraq onları Azərbaycanda qarşıdurma yaratmaqdan, Azərbaycanda əldə edilmiş uğurların məhv edilməsinə yönəlmiş antimilli xarakter daşıyan layihələrin reallaşmasına çalışmaqdan uzaq olmağa, məsuliyyətli olmağa dəvət edirəm. Müəyyən olunmuş yerlərdə öz fikirlərini deyə bilərlər, bu onların hüququdur və bu hü-quq da qəbul edilir.
Mən Abel müəllimin qaldırdığı məsələni müdafiə edirəm. Düşünürəm ki, bu məsələ son dərəcə vacibdir, actualdır. Biz gələcəkdə bu dəyişikliyi etməliyik.
Xüsusi olaraq üzərində dayanmaq istədiyim bir vacib məsələ var. Bəlli olduğu kimi, son vaxtlar Xankəndində hava limanının açılması ilə bağlı bir gərginlik yaşandı. Azərbaycan dövlətinin ciddi fəaliyyəti nəticəsində bu məsələyə aydınlıq gətirildi və onun açılması müvəqqəti olaraq dayandırıldı. Düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdəki siyasəti, ortaya qoyulmuş iradə davam etdirilməlidir. Heç bir halda Xankəndində Ermənistanın müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi hava limanının açılmasına im-kan verilməli deyil.
Mən xüsusi olaraq onun üzərində dayanmaq istəyirəm ki, Metyu Brayze vaxtilə Minsk qrupunda həmsədr olduğu vaxt geymiş olduğu ermənipərəst mundirini hələ də əynindən çıxarmayıb, verdiyi açıqlamalarda, çox təəssüf ki, Ermənistanın mövqeyini müdafiə edir. Bu bizdə böyük təəssüf doğurur və ümidvaram ki, cənab Metyu Brayze bundan son-rakı fəaliyyətində bu cür səhvlərə, bu cür qeyri-obyektivliyə yol verməyəcək.
Hörmətli millət vəkilləri, düz 18 il bundan öncə, 1992-ci il aprel ayının 8-də erməni faşistləri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 67 nəfəri vəhşicəsinə qətlə yetirmişlər. 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırılmışdır. Bu, Xocalı soyqırımından sonra erməni faşistlərinin Azərbaycan millətinə qarşı törətdiyi ən böyük vəhşiliklərdən biridir. Bu gün həmin hadisədən 18 il keçir. Ona görə də, hörmətli Sədr, hörmətli millət vəkilləri, həmin hücum zamanı qətlə yetirilən 67 nəfər soydaşımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi sizdən xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Sədrlik edən. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən hörmətli millət vəkilləri 2 aprel mitinqi ilə bağlı məsələlərə toxundular. Mən də bu məsələyə toxunmaq istəyirəm, ancaq başqa aspektdən. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Bakı şəhərinin 11 rayonunun hər birində mitinq keçirmək üçün müvafiq yerlərin ayrılması məsuliyyətini Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyur. Çox təəssüflər olsun ki, nədənsə Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirmək istəyən siyasi təşkilatlara Bakı şəhərinin yalnız bir rayonunda gözdən uzaq, könüldən iraq bir yerdə mitinq yeri göstərir – Bibiheybətdə, stadionda. Bu, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu pozmaqdır.
Bakı şəhərində keçirilən aksiyalardan danışarkən, orada baş verən hadisələrdən söhbət açarkən, ilk növbədə hörmətli millət vəkilləri Bakı Şəhər İcra Hakimiyyətini qanunun tələblərini yerinə yetirməyə və qanunsuzluğa şərait yaratmamağa çağırmalıdırlar. Bakı Şəhər İcra Hakimiyyəti mitinq yerlərini bir daha elan etməli və hər bir kəs Bakı şəhərinin 11 rayonunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq yerlə təmin olunmalıdır. Bu, məsələnin birinci tərəfi.
İkinci tərəfi isə hörmətli Fazil bəy də qeyd elədi, elə bu hadisədən doğan Cəlilabad məsələsidir, orada bir məktəblinin digər məktəblini öldürməsinə siyasi don verilməsidir. Çox təəssüf edirəm ki, telekanalların bəziləri “müxalifətin tərbiyə elədiyi uşaqlar bundan artıq olmayacaqlar” və sair kimi ifadələrlə Azərbaycan dinləyicisinin, tamaşaçısının qarşısına çıxır. Azərbaycan müxalifətinin tərbiyə elədiyi uşaqlar vətən uğrunda şəhid də olub, bu gün səngərdə də döyüşür, xaricdə də Azərbaycanı layiqincə təmsil edirlər. Uşaqları bu cür bölücülüyə, bu cür prosesə cəlb etməyin özü nə dərəcədə etik normalara sığır? Bir hadisəyə görə hansı dönəmdə Azərbaycanda kiminsə evinin qarşısında piket keçirilib? Əgər bu məntiqlə yanaşmış olsa idik ki, o zaman Hacı Məmmədovun törətdiyi qətllərə görə hər gün onun evinin qarşısında mitinq keçirməli idik. Çox təəssüf edirəm ki, bunu Cəlilabad Rayon Təhsil Şöbəsinin adından təhsil şöbəsinin müdiri keçirir və müəllimləri o prosesə cəlb edir. Müəllim bu gün həm anadır, həm də tərbiyəçidir. O tərbiyənin, o təhsil sisteminin yetişdirəcəyi insanların sonu nə olacaq? Uşağın nə günahı var? Cinayət Məcəlləsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası var. Hələ hadisənin hansı şəraitdə törədildiyini bilmədən kimlərəsə cinayətkar demək olmaz.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bəzi mülahizələrimi tezis formasında bildirmək istəyirəm. İlk növbədə Sumqayıt şəhərində tikinti-quruculuq, abadlıq işlərinə xüsusi diqqət yetirdiyi və bundan ötrü maliyyə vəsaiti ayırdığı üçün cənab Prezidentimiz İlham Əliyevə seçicilərimiz adından təşəkkür edirəm. Bu tədbir bütün sumqayıtlılar tərəfindən rəğbətlə qarşılanır.
İkinci, hesab edirəm ki, ölkəmizdə sosial-iqtisadi inkişaf və vətəndaşın təhlükəsiz yaşaması üçün zəruri olan siyasi sabitlik davam etdirilməlidir. Sosial-iqtisadi tərəqqi və sabit-lik bir-birini tamamlamalıdır. Azərbaycanın inkişaf yolu təkamül yolu ilədir. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar ölkənin və xalqın taleyi üçün məsuliyyət daşımalıdırlar. Biz Azərbaycanın sınaq, poliqon meydanına çevrilməsinə imkan verməməliyik və bütün belə cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan “demokratik, dünyəvi dövlət” inkişaf yolunu davam etdirməlidir. Əks təqdirdə, bizi böyük fəlakətlər gözləyə bilər.
Hörmətli Oqtay müəllim, toxunacağım üçüncü məsələ ölkəmizin müxtəlif qurumlarındakı mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlıdır. Çox təəssüf olsun ki, bizim mətbuat xidmətləri jurnalistlərimizlə, kütləvi informasiya vasitələri ilə çox pis işləyirlər. Hesab edirəm ki, bu qurumlar ictimai rəylə hesablaşmalı, kütləvi informasiya vasitələri üçün açıq olmalıdırlar.
Nəhayət, hörmətli Oqtay müəllim, istərdim, söyləyəcəyim sonuncu məsələyə diqqət yetirəsiniz. Bizim ədalət mühakiməsinin binasının qabağında böyük dövlət xadimimiz Şah İsmayıl Xətainin əli qılınclı heykəli qoyulub. Olmazmı, bu başqa münasib bir yerə köçürülsün? Onun orada qalması hansı assosiasiya yarada bilər? Bəlkə bunun Xətai prospektinə, ya da Xətai metrosunun yanına köçürülməsi daha uyğun olardı. Mənə elə gəlir, bəlkə də indi bunun zamanı deyil, amma gələcəkdə fikirləşməyə dəyər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən həmkarlarım tərəfindən qaldırılan bir neçə məsələyə başqa nöqteyi-nəzərdən yanaşmaq istəyirəm. İlk növbədə burada sərbəst toplaşmaq haqqında məsələ qaldırıldı. Təbii ki, mən də o fikri bölüşürəm ki, hər bir şey qanun çərçivəsində olmalıdır və qanunu pozan hər hansı bir əmələ və cəhdə icazə verilməməlidir.
Amma təəssüflər olsun ki, bu gün beynəlxalq təşkilatlar tərəfindən bu məsələyə tamamilə fərqli bir yanaşma var. Xüsusilə ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri bəyanat verir ki, Azərbaycan guya “Sərbəst toplaşmaq haqqında” Qanuna məhdudiyyətlər qoyur. Bu, yanlışdır. Heç bir halda müxalifətin müraciətinə yox cavabı verilməyibdir. Sadəcə olaraq, onların istədiyi yerdə deyil, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq bildiyi yerdə icazəli mitinq keçirilməsi təklif edilibdir. Ona görə də hesab edirəm, bu yanlış yanaşma aradan qaldırılmalıdır.
Əgər xatırlayırsınızsa, hələ 10 il bundan əvvəl müxalifət Motodrom deyilən ərazidə mitinq keçirirdi. O da şəhərdən nisbətən kənarda idi. Onda belə bir canfəşanlıq yox idi.
İkinci, hörmətli Abel müəllim magistratura ilə bağlı məsələyə toxundu. Mən də hesab edirəm, bu çox aktual məsələdir. Bu gün təhsil pillələri arasında əlaqəni qırmamaq, davamiyyəti təmin etmək üçün magistratura məsələsinə yeni bir yanaşma olmalıdır və əsgərlikdən möhlət hüququ öz müsbət həllini tapmalıdır.
Nəhayət, toxunmaq istədiyim üçüncü məsələ Xankəndində aeroportun inşası ilə bağlıdır. Mənim hörmətli həmkarım Fəzail müəllim buna toxundu, amma mən bunu bir az açıqlamaq istəyirəm. Söhbət ondan gedir ki, Azərbaycan bu qanunsuz fəaliyyətə çox adekvat reaksiya verdi, amma Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin münasibəti bu cür olmadı. Görün, o necə müqayisə apardı? Dedi ki, Ermənistan bu gün Azərbaycanın Naxçıvana təşkil etdiyi aviareyslərə şərait yaradır, hava məkanını açır. O paralelliyi Dağlıq Qarabağa da şamil etməyə cəhd etdi və dedi ki, Azərbaycan da indi buna göz yummalıdır. Burada ən böyük yanlışlıq odur ki, birinci, Naxçıvan Azərbaycanın ərazisidir və ölkənin bir ərazidən digər əraziyə hava reyslərini təşkil etməsi çox doğaldır. Amma Dağlıq Qarabağ işğal altında olan ərazidir. Beynəlxalq qanunvericiliyə zidd olaraq işğal altında olan ərazidə Ermənistanın hava reyslərini təşkil etməsi və buna da Amerika Birləşmiş Ştatları tərəfindən belə bir dəstək verilməsi çox böyük yanlışlıqdır. Bu, bütövlükdə beynəlxalq konvensiyalara və götürülən öhdəliklərə ziddir. Ona görə də mən çox istərdim ki, ABŞ administrasiyası bununla bağlı dünyaya açıqlama verdiyi zaman həqiqəti olduğu kimi deməkdən çəkinməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Artıq uzun illərdir ki, dünya təcrübəsində yay-qış vaxtına keçidlə əlaqədar saat əqrəblərinin irəli və geri çəkilməsi təcrübəsi hər il həyata keçirilir. Son olaraq Azərbaycanda da martın 27-də saat əqrəblərini bir saat irəli çəkməklə yay vaxtına keçmiş olduq. Bunu deməkdə məqsədim, əslində, mənasız bir məsələni gündəmə gətirmək deyil, sadəcə, əksər dünya dövlətlərində yay-qış vaxtına keçməkdən imtina etmə təcrübəsinin getdikcə daha geniş yayılmasıdır.
Məsələn, qonşu Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedyev hələ 2009-cu ildə Rusiya Federasiyasının federal toplantısında hesabat verərkən qeyd etdiyim məsələni qaldırmışdı. Məhz bu hadisədən sonra mütəxəssislər məsələni daha dərindən araşdırmağa başladılar. Rusiya mütəxəssislərinin yekdil rəyi ondan ibarət oldu ki, saat əqrəblərinin ildə iki dəfə irəli və geri çəkilməsi insanın bioritminə mənfi təsir edir. Belə ki, saat əqrəblərinin çəkilməsinə uyğunlaşma zərurəti stress və xəstəliklərlə müşayiət olunur. Bütün bunları nəzərə alaraq Rusiya Federasiyası qərara aldı ki, bu il son dəfə olaraq saat əqrəbləri irəli çəkilsin.
Məlumat üçün bildirmək istəyirəm ki, MDB dövlətləri olan Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də artıq əqrəblərin yer dəyişdirilməsi təcrübəsindən imtina ediblər. Bəlkə də əqrəblərin irəli-geri çəkilməsi iqtisadiyyata müəyyən fay-dalar gətirə bilər, amma unutmaq lazım deyil ki, insanların fiziki və psixi sağlamlığının qorunması bizim üçün bütün məsələlərdən daha vacib olmalıdır. Xatırlatmaq istərdim ki, keçən üçüncü çağırış müddətində də bəzi deputatlar bu məsələni gündəmə gətiriblər. Ona görə də müvafiq qurum-lardan, xüsusən də Nazirlər Kabinetindən xahiş edirəm ki, bu məsələ ciddi nəzərdən keçirilsin və saat əqrəblərinin irəli-geri çəkilməsinə son qoyulması ilə bağlı digər dövlətlərin təcrübəsinin tətbiq olunmasının mümkünlüyünə baxılsın. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sabir Rüstəmxanlı buyursun.
S.Rüstəmxanlı. Mən də ölkədə qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına qarşıyam və bunu qəbul eləmirəm. Bütün proseslərin Konstitusiya çərçivəsində getməsini istəyirəm, çünki Azərbaycanın indiki durumunda sabitliyi pozan, ölkənin ümumi inkişafına mane olan hər bir şey tariximizdə çox acı nəticələr doğura, acı izlər qoya bilər. Bunun hamısını nəzərə almalıyıq. Məncə, həm iqtidar, həm də müxalifət bunun məsuliyyətini hiss etməlidir.
Ancaq mən hesab edirəm ki, küçədə keçirilmiş hər hansı mitinqin Milli Məclisin müzakirəsinə çıxarılmasına da ehtiyac yoxdur. Mitinq insanların Konstitusiya haqqıdır, yığışıblar. Əgər orada qanunsuzluq olubsa, ona hüquq mühafizə orqanları baxır. Hər hadisəni Milli Məclisin müzakirəsinə çıxarmaq lazım deyil. Bu məsələni Milli Məclisin müzakirəsinə başqa şəkildə çıxarmaq olar.
Biz, adətən, deyirik ki, radikal müxalifət mitinq keçirir, amma gücü yoxdur, ora cəmi 200–300 adam yığışıb. Əgər, doğrudan, 200–300 adam yığışırsa, bundan niyə narahat olurlar? Əgər radikal müxalifətin gücü yoxdursa, onda elə 200 nəfərlə hər şey bitəcək. Mən hesab edirəm ki, bu gün mitinqi müxalifət keçirmir, iqtidar keçirir. Müxalifətin gücü yoxdursa, o mitinqə adam yığa bilməz. O küçələrdə adamları qovan müxalifət deyil, iqtidardır. İqtidarın bir sıra sahələrdə apardığı siyasətdir.
Son vaxtlar deyirlər ki, bu iş gənclərin təşəbbüsü ilə həyata keçirilir. Bu gənclər kimlərdir? Onlar bizim övladlarımızdır. Xaricdə təhsil alıb, qayıdıblar. Dövlət pul xərcləyib, onlar oxuyublar. İllər uzunu iş tapa bilmirlər. Bu adam maaş, əmək haqqı almır. Onun 15–20 il nazir olan, bir vəzifədə oturan adamlardan ən xırda bir iş almaq, onların qəbuluna düşmək, onlara zəng vurmaq və onlara öz varlığını bildirmək imkanı yoxdur. Onda bu uşaqlar nə etməlidirlər? Ona görə də biz ilk növbədə çalışmalıyıq ki, bu islahatlar reallaşsın.
Məsələn, Abşeronda görülən işləri izləyirik və bu çox gözəldir. Amma bu iş bütün respublika üzrə aparılmalıdır və islahat adına xırda adamlar incidilməməlidir. Yenə də korrupsionerlər gəlib xırda adamları incidirlər ki, guya rüşvətə, korrupsiyaya qarşı mübarizə aparırlar. İstəyirik ki, bu işlər səmimi şəkildə həyata keçirilsin. Azərbaycanda bir sıra ölkələrin təcrübəsindən gördüyümüz acı nəticələr, qarşıdurmalar olmasın.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Salam, hər vaxtınız xeyir olsun! Hörmətli deputatlar, mən sosial yönümlü bir məsələyə toxunmaq istəyirəm. İstəyirəm, gözdən əlillərin mənə olan müraciətini diqqətinizə çatdıram. 2001-ci ilə qədər bu kateqoriyaya aid olan insanlar kommunal xərclərdən azad olunmuşdular. Amma 2001-ci ildə bu imtiyazlar ləğv olunandan sonra bu adamlarda çox ciddi şəkildə narahatlıq və narazılıq yaranıbdır. Hesab edirəm ki, son vaxtlar ölkədə əhalinin kasıb təbəqəsinə yönəlmiş sosial yönümlü bəzi tədbirlər görürük. Ona görə hesab edirəm ki, bu məsələni də nəzərə almaq mümkündür. Bu insanların sayı o qədər də çox deyil.
Onlara ictimai nəqliyyatdan istifadədə və yaxud da onu müşayiət edən insanla bərabər təyyarə reyslərində 50 faiz güzəştlərin olunması və sair bu tipli məsələlər aradan qaldırılıbdır. Həm də onlara pensiyaya çıxdıqdan sonra çox az, 50 manat təqaüd verilir. Bu onların əvvəl işləməməsi ilə əlaqələndirilir. Amma nəzərə alaq ki, onların işləyə bilməməsi təbii amillərlə bağlıdır və onların iradəsindən asılı ol-mayan bir məsələdir. Məncə, bu məsələyə də baxılmalıdır.
Onların istirahət şəraitlərinin yaxşılaşdırılması və onlara uyğun iş yerlərinin açılması ilə bağlı müəyyən addımlar at-maq zamanıdır. Hesab edirəm ki, bu məsələni müvafiq ko-missiyada müzakirə etdikdən sonra plenar iclasın gündəliyinə çıxarmaq yerinə düşərdi. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova buyursun.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Burada haqlı olaraq bir fikir söylənildi ki, Bakı şəhərində və yaxud ölkədə keçirilən mitinqləri, kütləvi tədbirləri Milli Məclisdə müzakirə etmək lazım deyil. Mən bununla razıyam, amma əgər mitinq keçirilsə idi və qanunun bütün tələblərinə əməl olunsa idi, biz heç onu burada müzakirə də etməzdik, adını da tutmazdıq. Amma mitinq adına Azərbaycanda ictimai asayişin pozulmasına çox böyük cəhdlər edilir və bunu da stimullaşdıran dairələr var. O dairələr bu cəhdlərin reallığa çevrilməsi üçün maksimum səy göstərirlər.
Ortada olan budur. İndi biz nə edək? Qanun çərçivəsində mitinq keçiriləcəksə, biz bunun şərtlərini müəyyənləşdirmişik. O çərçivədə fəaliyyət göstərsinlər, camaat da buna münasibətini bildirməsin. Siz mitinq, öz hüquqlarını reallaşdırma adına küçələrə çıxıb insanların mülkiyyətinə, əmlakına, mənəviyyatına, qurduğu ölkəyə, gələcəyinə, yaşayış tərzinə zidd olan hərəkətlərə yol verəcəksiniz və sonra da deyəcəksiniz ki, bizə qarşı heç bir söz deməyin. Belə şey ola bilməz axı.
Burada səslənən fikirlərdə əsas tələb ondan ibarətdir ki, hər kəs qanunla müəyyənləşdirilmiş hüquqlarını məhz qanun çərçivəsində  reallaşdırmağa çalışsın. Bu qanunların icrasına nəzarəti və səlahiyyətləri həyata keçirən müvafiq qurumlar da adekvat olaraq qanun çərçivəsində fəaliyyət göstərsinlər. Bu gün məhz bu qurumlar qanun çərçivəsində həyata keçirməli olduğu tədbirləri görüblər. Ona görə də mən bu məsələlərin üzərində çox dayanıb bundan siyasi məqsədlər üçün istifadə etməyin qəti şəkildə əleyhinəyəm.
Hesab edirəm, bir çox məsələlər var ki, biz Milli Məclisin tribunasından onlara öz münasibətimizi bildirməliyik. Məni çox narahat edən belə məsələlərdən biri də Azərbaycan dilinin işlənmə qaydası, xüsusilə mətbuat orqanlarında, televiziyalarda dilə olan münasibətdir. Milli liderimiz Heydər Əliyevin sərəncamından bir cümləni sizin diqqətinizə çatdırmaq istəyirəm: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir”. Bu, həqiqətən də, belədir, çünki əsrlər boyu bu xalq öz mövcud-luğu zamanı mədəniyyətini, tarixini inkişaf etdirdiyi kimi, dilini də çox yüksək səviyyədə inkişaf etdirib. Bu gün Azərbaycan dili bölgədə və dünyada ən dəqiq fikirləri incəliklərinə qədər ifadə etmək qüdrətinə malik olan bir dildir. Bu bizim əldə etdiyimiz çox böyük nailiyyətdir. Bu nailiyyətin əksər hissəsi də məhz XX əsrdə bizim bir çox-larımızın iştirakı ilə əldə olunmuşdur.
Ötən əsrin sonlarından və bu əsrin əvvəllərindən biz bir sıra tendensiyaları izləməkdəyik. Azərbaycan dilinə ən müxtəlif yöndən zərbələr vurulmaqdadır və biz də çox zaman bunu sakit bir tərzdə seyr etməyə çalışırıq. Amma bildiyiniz kimi, bizim Milli Məclis bir sıra qanunlar qəbul edibdir. “Dövlət dili haqqında” Qanunun 6-cı maddəsinin tələbi budur ki, mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və ra-dio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Sizin hər biriniz şahidlik edə bilərsiniz ki, bu gün bu tələbə heç də lazım olduğu qədər diqqət yetirilmir.
Bir dilin məzmunundan, onun ifadə formalarından istifadəni, fikri ifadə etmək üçün işlənən mexanizmləri hələ bir tərəfə qoyaq, bu gün məni daha çox narahat edən dilin into-nasiyasıdır. Mən bunu xüsusi qeyd etməliyəm ki, bu sahədə Azərbaycan radiosundan, Azərbaycan televiziyasından çox böyük örnək götürmək olar. Bu işi yaxşı səviyyədə yerinə yetirən digər televiziya kanallarımız da var, amma mən bu iki qurumu ən yaxşıları hesab edirəm. Düşünürəm ki, bizim əsrlərlə dil sahəsində qazandığımız nailiyyətlər burada qorunur və bundan nümunə kimi istifadə olunmalıdır.
Bu gün Azərbaycanda özəl kanallar fəaliyyət göstərir. Mən onların bəzilərinin rəhbərləri ilə şəxsən telefonla danışmışam. Xəbərlər verilişləri gedəndə zəng etmişəm ki, siz bir öz kanalınızda gedən xəbərlərə qulaq asın. Bu hansı dildə yayımlanır? Bu hansı dilin intonasiyasıdır? Mən birinin adını burada çəkəcəyəm, çünki bir neçə dəfə o kanalın rəhbərliyinə desəm də, xeyri olmayıb. Siz Xəzər televiziyasının proqramlarına baxırsınız. Aparıcıların süjet arxası dan-ışıqları qəbuledilməzdir. Nizami müəllim, Siz, yəqin ki, bunları müşahidə edirsiniz. Heç bir dilin – hətta yapon, Ko-reya dilinin də belə bir intonasiyası yoxdur. Dildə, intonasi-yada o qədər aqressiya var ki.
Xəbərdən bir şou düzəldilir, bu öz yerində. Qanunlarda da müddəalar var ki, proqramlara rəhbərlik edən şəxslər onların məzmununa diqqət yetirməlidirlər. Bu proqramlar ən çox gənc nəslin və uşaqların tərbiyəsinə, Azərbaycan xalqının milli maraqlarına uyğun şəkildə tərtib olunmalıdır. Bu verilişlər, xüsusilə qəza hadisələrindən yaradılan şoular nəinki uşaqların, hətta böyüklərin də psixologiyasına mənfi təsir göstərir. Bilirsiniz, elə hay-həşir qopardılır ki, elə bir dünya dağılıb. Hər hansı bir dəhşətli filmdən kadrlar xəbər verilişlərinə yerləşdirilir, onun ardınca isə qeyd olunur ki, filankəs öldü, filankəs batdı, filankəsin ayağı sındı. Onu elə tərzdə deyir ki, insan evdə girməyə yer axtarır. Bu səsin özündəki dəhşət və vəhşət insanı dəhşətə gətirir.
Ona görə mən bu işə cavabdeh olan müvafiq qurumların rəhbərlərindən xahiş və tələb edirəm ki, buna nəzarət etsinlər. Bizdə vaxtilə bir dil qurumu var idi, bilmirəm, indi o, fəaliyyət göstərir, ya göstərmir. İkinci, biz Milli Teleradio Şurasının üzərinə qanunla səlahiyyət qoymuşuq ki, “Telera-dio yayımı haqqında” Qanunun bütün tələblərinin yerinə yetirilməsinə cavabdehlik daşıyır. Mən onun rəhbərliyi ilə də danışmışam. Onlar söyləyirlər ki, bizim bu sahəyə, xüsusilə dilin məzmununa və intonasiyasına dair tələblər qoymaq səlahiyyətimiz yoxdur.
Oqtay müəllim, çox xahiş edirəm, bəlkə bizim müvafiq komitələrə, Aparatın şöbələrinə bir tapşırıq verək ki, onlar bu məsələni bir daha araşdırsınlar və Azərbaycan dilinin tətbiqi qaydalarına əməl etməyə dair məsuliyyətin formalarını müəyyənləşdirsinlər. Lazım gəlsə, onlar başqa ölkələrin təcrübələrinə müraciət etsinlər.
Mən bütün aidiyyəti qanunlara diqqət yetirdim. Orada göstərilir ki, bu qanunu pozmağa görə məsuliyyət qanunvericiliklə müəyyən olunur. Amma o məsuliyyət haradadır və necədir, o yoxdur. Ona görə mən çox xahiş edərdim ki, müvafiq komitələr bununla bağlı araşdırma aparsınlar və biz bunun formasını tapaq.
Sizin nə ixtiyarınız var ki, bizim minilliklərlə formalaşdırdığımız dili bu kökə salasınız? Mən, xüsusilə dilin intonasiyasından danışıram. Azərbaycan dilini gözəl, səlis, qulaq asımlı edən onun intonasiyasıdır, onun vurğularının yerində işlənməsidir. Onun insanlara səmimi, yaxın bir dil olduğunu göstərən faktorlar bu gün sıradan çıxmaqdadır. Mən hesab edirəm ki, dilçi alimlərimiz, ziyalılarımız, dilin bütün incəliklərini bilən insanlarımız, müvafiq qurumlarımız buna çox ciddi diqqət yetirməlidirlər və gözümüzün qarşısında Azərbaycan dilinin öz gözəlliklərini itirməsinə biganə qalmamalıdırlar. Biz mədəniyyətimizi və dilimizi qorumalı, onu gələcək nəsillərə aldığımız kimi təqdim etməyi bacarmalıyıq. Mənə elə gəlir, millətimizin və dövlətimizin qarşısında dayanan hədəflərdən biri də məhz budur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım bir az çox danışdı. Elman müəllim, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elman Məmmədov, buyurun.
E.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələni diqqətinizə çatdıracağam. Xankəndində heç vaxt aeroport olmayıb, bu gün də yoxdur. Aeroport Xocalıda olub, bugünkü aeroport da Xo-calıdadır.
Müəyyən rəsmi dairələr də, Xarici İşlər Nazirliyi də, mətbuatımız da “Xankəndi aeroportu” yazır. Biz buna düzəliş verməliyik. Xankəndi aeroportu yoxdur, Xocalı aeroportu var. Bu gün böyüdülən, beynəlxalq aeroporta çevrilən də məhz həmin Xocalı aeroportudur. Xocalının içərisindədir. Xocalının qalan hissəsini də söküb böyük aeroport düzəldiblər. Bunu diqqətinizə çatdırmaq istəyirdim. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Artıq 40 dəqiqədir, gündəliyi müzakirə edirik. Elə bilirəm ki, artıq müzakirəyə ehtiyac yoxdur.
Bəzi millət vəkilləri mitinq barəsində çıxış etdilər. Mən bir bənzətmə aparmaq istəyirəm. Nə barədə? Deyirlər ki, guya Azərbaycanda baş tutmuş 2 aprel mitinqini bütün beynəlxalq kanallar göstərdilər. Mənim yadıma istər-istəməz SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş Sumqayıt hadisələri düşdü. Azərbaycanı dünyaya pis şəkildə təqdim etmək üçün xüsusi orqanlar tərəfindən axşam saat 8–10-da təşkil olunmuş hadisələr barədə xəbərlər səhərisi gün saat 12-də bütün ölkələrdə yayımlandı. Bu, qurulmuş bir ssenari idi. O dövrlərdə bu cür siyasi partiyalar yox idi, bir-partiyalı sistem idi, xüsusi xidmət orqanları işləyirdi.
Mən bütün siyasi partiyalar haqqında bunu demək istəmirəm. Fazil Mustafa da çox gözəl dedi ki, bu, bütün partiyalara aid məsələ deyil. Ancaq əfsuslar olsun ki, bəzi radikal müxalifət partiyalarının dəstəyi və köməyi ilə Azərbaycanı dünyada gözdən salmaq istəyən, ölkəmizin inkişafına xəbis gözlə baxan bəzi dövlətlər eyni ssenarini 2 aprel mitinqində də təşkil etdilər. 200–300 nəfər insan yığıldı. Burada əsas məqsəd pozuculuq, telekanallarla çəkilmək və xarici ölkələrdə göstərilmək idi ki, buna ad qoyulsun.
Mən ad çəkmək istəmirəm. Tanıdığımız bəzi insanlar küçədə sakit getdiyi yerdə kameranı görən kimi “azadlıq” – deyə qışqırırdılar. Aydındır ki, bu, təşkil olunmuş ssenari idi.
Mən inanmıram ki, belə biabırçı şəkildə təşkil olunmuş mitinqdən sonra bunlar ürək edib yenidən mitinq keçirsinlər. Azərbaycan artıq o illərin Azərbaycanı deyil, müstəqil, güclü, inkişaf etmiş bir ölkədir və Azərbaycanda belə mitinqlərə yer yoxdur.
Biz hərdən məsələləri özümüz şişirdirik. Xahiş edirəm, bu məsələni şişirtməyək, çünki bu mitinq bir daha sübut etdi ki, bizdə radikal müxalifətin bazası yoxdur. Ona görə bu məsələni kənara qoyaq və gündəliyin müzakirəsinə keçək.
Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasında 2011-ci ilin ”Turizm ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Hamınıza məlumdur ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı miqrasiya proseslərinə də öz təsirini göstərmişdir. Təbii ki, miqrasiya axınlarının böyük bir hissəsi əmək miqrasiyası ilə, yəni biznes mühitinin inkişaf etməsi ilə bağlıdır. Eyni zamanda, son illər turizm miqrasiyası da artmağa başlamışdır.
Cənab Prezident tərəfindən belə bir layihənin təqdim ol-unması, əlbəttə, təkcə turizm ili elan olunması və turist miqrasiyası ilə bağlı deyil. Doğrudur, bu məsələ qanunu zəruri edən şərtlərdən biridir. Bu qanunu zəruri edən ikinci şərt cənab Prezidentin şəffaflığın artırılması və korrupsiyaya qarşı milli strategiyanın təsdiq edilməsi ilə bağlı hələ 2007-ci ildə verdiyi sərəncam çərçivəsində bütövlükdə vizaların verilmə qaydasının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə əlaqədardır.
Hörmətli millət vəkilləri, diqqətinizə çatdırmaq istəyirəm ki, qanunun adında məhz “Turizm ili” elan edilməsi ilə əlaqədar ifadənin olması məsələsini biz qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik, çünki qanun, eyni zamanda, bütövlükdə vizaların verilməsinin sadələşdirilməsini də özündə ehtiva edir. Təklif etmişik və razılıq əldə ol-unub ki, bu qanunun məqsədi preambulada öz əksini tapsın. İndi isə qanunun mahiyyəti ilə bağlı bir neçə vacib müddəanın üzərində dayanmaq istərdim.
2.1-ci bənddə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun müddəasının fərqli bir redak-siyada verilməsi təklif olunur. Bu yeni redaksiya əvvəlkindən, sadəcə, quruluş baxımından fərqlənmir. Bu, kifayət qədər ciddi yenilikləri özündə ehtiva edir. Söhbət bütövlükdə əcnəbilərə vizaların yeni qayda ilə verilməsindən gedir. Yəni hələlik turist vizaları ilə bağlı məsələləri şərh etmirəm.
Beləliklə, yeni redaksiya belədir: “Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddəti göstərilməklə viza verilməsi haqqında ərizə ilə...” Görürsünüz, mötərizədə yazılıb ki, şəxsən və ya nümayəndəsi vasitəsilə. Bu bir yenilikdir. Yəni əcnəbi bunu özü deyil, nümayəndəsi vasitəsilə edə bilər. Sonra, “ölkəsində və ya üçüncü ölkələrdə...” Yəni ola bilər ki, əcnəbi öz ölkəsində deyil, başqa bir ölkədədir, amma Azərbaycana gəlmək niyyəti var. Bu zaman o, vizanı öz nümayəndəsi vasitəsilə səfirliyimiz və konsulluğumuz mövcud olan ölkədən əldə edə bilər. Beləliklə, başqa bir ölkədə olan əcnəbinin öz ölkəsinə qayıdıb Azərbaycan səfirliyinə müraciət etməsini artıq aradan qaldırmış oluruq. Davam edirəm: “üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra hakimiyyəti orqanına müraciət edərək...” Burada “Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına” qeyd ol-unması o deməkdir ki, əcnəbinin müraciətinə Azərbaycanın bu ölkədəki səfirliyində və konsulluğunda baxılması kifayət edir.
Nəhayət, bu müddəanın sonuncu cümləsində qeyd olunur ki, viza rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Bu, xüsusi bir sistemdir, sizin bu barədə məlumatınız var. Belə bir sistemə Azərbaycan Respublikasının xaricdəki səfirlikləri və konsulluqlarının  da qoşulması nəzərdə tutulur. Bu baş verdikdən sonra artıq məlumatları onlayn rejimində əldə etmək mümkündür. Yəni viza verməklə bağlı qərara gəlməkdən ötrü bu sistemə daxil olmaq kifayətdir və orada bütün məlumatlar var.
Bizim 60-a yaxın ölkədə səfirliyimiz, 12 ölkədə konsulluğumuz var. Yeni yaradılan sistem imkan verir ki, səfirliklərimiz olmayan ölkələrdə əcnəbilər üçüncü ölkələr vasitəsilə çox rahat şəkildə viza əldə edə bilsinlər. Dediklərim bütövlükdə viza rejimi və əcnəbilərə yeni, sadələşdirilmiş sistemlə viza verilməsi ilə bağlı idi. Növbəti əlavələr isə turistlərə daha sadələşdirilmiş vizanın verilməsi ilə bağlıdır.
Hörmətli millət vəkilləri, bir çox ölkələrin qanunvericiliyində müxtəlif – turist, qonaq və əməkçi viza formaları var. Hələlik bizim qanunvericilikdə yenilik xüsusi bir növ kimi turist vizasının qəbul edilməsidir. Məlumat üçün demək istəyirəm ki, biz gələcəkdə beynəlxalq praktikada olduğu kimi, digər viza növlərinin də qanunvericiliyə gətirilməsini nəzərdə tuturuq.
Təklif olunur ki, turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir və belə vizalarda ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. 30 gün turist üçün kifayət qədər böyük bir müddətdir. Beynəlxalq praktikada da bu cürdür.
Müzakirələr zamanı belə bir məsələ ortaya çıxmışdı ki, fors-major və digər başqa hallarda vizanın müddətini uzatmağa ehtiyac yaranır. Bu məsələ artıq bizim qanunvericilikdə tənzimlənib. Nazirlər Kabinetinin 2009-cu il 9 iyul tarixli qərarında əcnəbilərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması halları öz əksini tapıb. Yəni hər hansı bir fors-major sırası yaranarsa, xəstəliklə, hər hansı yaxın qohumun vəfat etməsi ilə və yaxud xidməti zərurətlə bağlı ölkəyə dəvət almış şəxsin vaxtın uzadılması ilə bağlı vəsadəti daxil olarsa, artıq qaydalar mövcuddur və bu, uzadıla bilər. Yəni bu 30 gün müddətinin müəyyən hallarda uzadılması ilə bağlı qaydalar mövcuddur. Söhbət turistin qaldığı müddətdən ge-dir.
Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər. Bu, qanunun xüsusi bir müddəasıdır. Müzakirə zamanı belə bir fikir səslənmişdi ki, ola bilər, kimsə Azərbaycana turist şirkəti vasitəsilə gəlməyib, amma turizm məqsədi ilə gəlir. Bu mümkündür. Amma, əslində, bütün mütərəqqi dünyada kimsə turizm məqsədi ilə hara isə getmək istəyirsə, bunu turizm şirkətləri vasitəsilə edir. Ola bilər ki, kimsə turist şirkətinə müraciət etmir, özü gəlir. Bunun üçün qeyd etdiyim kimi, qanunun 2.1-ci müddəasında müəyyən hallar nəzərdə tutulur. Demək istəyirəm ki, əgər məqsəd turizmdirsə, onda sivil insan yaxşı bilir ki, şirkət vasitəsilə müraciət etmək daha yaxşıdır, çünki onun bütün öhdəliklərini məhz turizm şirkəti yerinə yetirir.
Bu məsələdə turisti qəbul edən dövlətin özü də maraqlıdır, çünki turistin gəlib-getməsi ilə bağlı məlumat əldə edə bilir. Bu, müəyyən bir mənada iqtisadiyyatın elementi kimi də əhəmiyyət daşıyır. Məlumat üçün qeyd etmək istəyirəm ki, hazırda bizim qanunvericiliyə görə turistlərin, – turist vauçeri və yaxud turist göndərişi əldə edən şəxsin, – Azərbaycana gəlməsi ilə bağlı dövlət rüsumunun məbləği 20 ABŞ dollarıdır. Bu çox da böyük olmayan bir məbləğdir. Beləliklə, turist vizası o zaman işləməyə başlayır ki, turist şirkətlərinə müraciət olunsun.
Digər bir müddəa onunla bağlıdır ki, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada müraciət edə bilərlər. Yəni artıq cənab Prezident tərəfindən təklif olunmuş layihədə həm vizaların poçt vasitəsilə, həm də elektron qay-dada alınması nəzərdə tutulur. Bu həm şəffaflıq, həm də vizanın sürətlə əldə olunması baxımından yenilikdir. Artıq bir sıra turistləri, ümumiyyətlə, əcnəbiləri narahat edən bir müddəa aradan qalxmış olur. Üçüncü ölkəyə getmək, turist şirkəti üçün göndərişlər etməyə ehtiyac qalmır. Bunu turist şirkətləri elektron formada həyata keçirə bilirlər. Bu isə dəqiqələrlə hesablanan bir məsələdir.
Layihədə xüsusi olaraq vurğulanır ki, viza verilməsindən imtina edildikdə, – belə hallar qanunvericilikdə var, imtina edilə bilər, – bu barədə əsaslandırılmış məlumatlar verilməlidir. Layihənin bu müddəası çox mütərəqqidir. Hörmətli həmkarlar, sizlər də, yəqin, viza ilə bağlı bir sıra ölkələrə müraciətlər etmisiniz. Çox zaman heç bir əsas göstərilmədən rədd cavabı alırıq, belə hallar var. Bizim Azərbaycan vətəndaşları belə cavablar alırlar. Amma bizim qanunvericilikdəki bu müddəa onu göstərir ki, vizadan imtina edildikdə əcnəbiyə əsaslandırılmış cavab verilməlidir, onun səhhəti və sair aydın göstərilməlidir. Hesab edirəm ki, bu da mütərəqqi bir haldır.
Qeyd olunur ki, elektron qaydada verilən viza pasporta yapışdırılmır. Bunun özünün də müəyyən bir əhəmiyyəti var, çünki vizaların pasportlara yapışdırılması müəyyən bir dövrdən sonra həvəskar turistlər üçün pasportun dəyişdirilməsinə gətirib çıxarır. Buna da artıq ehtiyac qalmır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, amma biz qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırmışıq, keçid məntəqəsindən keçərkən pasportda qeydiyyat olmalıdır.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı burada konkret olaraq göstərilib. Layihədə qeyd olunur ki, viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilir. Yəni viza almaq üçün hansı sənədi əldə etmək lazımdırsa, turistin özü, yaxud turizm şirkəti bunu birbaşa internet informasiya ehtiyatlarından əldə edə biləcəklər. Bunun üçün harasa getməyə və soruşmağa artıq ehtiyac qalmır.
“Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş iş günü keçənədək baxılır”. Bu, sonuncu müddəadır. Bu məsələ bizim komitədə müzakirə olunan zaman 15 günü bir qədər qısaltmaq təklif edilmişdi: Amma diqqətlə fikir versək, görərik ki, burada ən geci on beş iş günü nəzərdə tutulur və bu, ən sonuncu bir müddətdir. Bütün vizaların verilməsi artıq turizm şirkəti vasitəsilə həyata keçirilir. Məntiqi baxımdan yanaşsaq, heç şübhəsiz, turizm şirkəti özü də maraqlıdır ki, bu vizanı əcnəbiyə mümkün olan qısa zaman çərçivəsində versin. Amma yenə deyirəm, bu, ən gec müddətdir və Avropa ölkələrindəki müddətə uyğundur. Eyni zamanda, biz elə müddətlər seçməliyik ki, bəzi hallarda araşdırmalara imkan olsun.
“Ən geci on beş iş günü” ifadəsi ilə də bağlı suallar olmuşdu. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, konsulluqları Azərbaycan ərazisi hesab olunur və orada Azərbaycan qanunları işləyir. Misal çəkilmişdi ki, milli bayram günləri, yəni bizdə iş günü olmayan günlər var, onda necə ola-caq? Bu çox təbii bir haldır. Siz bilirsiniz ki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri hansı rejimdə işləyirlər. Onlar da milli bayramlar olanda Azərbaycanı tərk edirlər. Turizm məqsədi ilə hər hansı bir ölkəyə getmək istəyən Azərbaycan vətəndaşı bunu qabaqcadan bilir və öncədən səfirliyə müraciət edir. Bu informasiyalar internet sistemində var.  Azərbaycana gəlmək niyyəti olan hər hansı bir əcnəbi də, heç şübhəsiz, ölkəmizin bayram və iş günü olmayan günləri ilə maraqlanır. Mən hesab edirəm ki, bu cür müddəalar bütövlükdə bu qanunun tətbiqinə heç bir maneə yaratmayacaqdır.
Bütövlükdə hesab edirəm ki, əcnəbilərə vizaların verilməsinin sadələşdirilməsi, eyni zamanda, turizm ilinin elan olunması ilə bağlı turist vizaları rejiminin yaradılması çox mütərəqqi haldır. Mətbuatda oxumuşdum və belə bir təəssürat yaranmışdı ki, guya bu viza məsələsi ancaq turizm ili ilə bağlıdır. Əlbəttə, belə deyil, bu həmişə olacaq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bunlar bizim indiyə qədər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna etdiyimiz çox mütərəqqi dəyişikliklərin davamıdır. Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, gələcəkdə bu məsələləri tənzimləyən qanunvericilik üzərində işlər gedəcək. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın bu sahədəki qanunvericiliyi Avropa İttifaqına üzv olan ölkələrin qanunvericiliyi ilə tam uyğun olsun. Bu əlavə və dəyişikliklər kifayət qədər bizi yaxınlaş-dırmış olur. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, dəyərli həmkarlarım! Şübhəsiz ki, təqdim olunan qanun layihəsi bir çox mütərəqqi tərəfləri ilə təqdirəlayiqdir. Xüsusilə viza rejiminin sadələşdirilməsi, turistlər üçün nəzərdə tutulan bu rejimin daha sadə və əlçatan vəziyyətə gətirilməsi çox müsbət bir haldır. Mən hesab edirəm ki, bu, Azərbaycanın turizm sahəsində əldə etdiyi növbəti uğurların siyahısına yazıla bilər və yəqin ki, gələcəkdə xarici turistlərin bu istiqamətdə rahatlığı təmin olunacaqdır.
Amma mənim bununla bağlı bəzi narahatçılığım var. Bəlkə bu barədə daha ətraflı məlumat verilsə, yaxşı olardı. Birinci, vizanın elektron qaydada alınması, yaxud da poçt vasitəsilə göndərilməsi çox mütərəqqi bir haldır. Turist şirkətləri tərəfindən bu məsələ həyata keçiriləcək. Amma bilirsiniz ki, burada müəyyən təhlükəsizlik məsələləri də var. Bəzən turist şirkətlərinin verdiyi vizalarda, təbii ki, sui-istifadə hallarına da yol verilir. Mən bilmək istərdim ki, ümumiyyətlə, ölkəyə daxil olan turistlərlə bizim səfirliklərimizin, yaxud konsulluqlarımızın hər hansı bir təması olacaqmı? Bilirsiniz ki, bir çox hallarda biometrik məlumatlar tələb olunur. Xüsusilə xarici ölkələrdə bu, geniş yayılıb. Bu təhlükəsizlik məsələsi hansı formada təmin olunacaq? İstərdim, bu məsələyə münasibəti öyrənəm.
İkinci, bilirsiniz, xarici ölkələrin səfirliklərinin verdiyi vizalar, xüsusilə biznes vizaları kifayət qədər çətinləşibdir. Hətta statusundan, vəzifəsindən asılı olmayaraq hamının səfirliyə müraciət etməsi, barmaq izlərinin götürülməsi, şəkil çəkdirməsi məsələləri var. Əlbəttə, bu, insanları yorur. Bəzən də insanlar bu cür münasibətdən özlərini narahat hiss edirlər. Belə olan halda, əlbəttə, bizim bu qədər sadələşməyə getməyimiz, dediyim kimi, müəyyən suallar doğura bilər. İstərdim, buna bir aydınlıq gətirək.
Növbəti deyəcəyim məsələ Azərbaycan səfirliklərinin xarici ölkə vətəndaşlarına verdiyi vizaların forması ilə bağlıdır. Mən özümlə bir nümunəni gətirmişəm. Pasporta bir ştamp vurulur və onun üzərində əllə qeydlər aparılır, heç şəkil də vurulmur. Təsəvvür edin ki, XXI əsrdə, texnologiyanın bu cür inkişaf etdiyi bir dönəmdə biz vizanı əllə yazırıq. Bu barədə, heç olmasa, xarici ölkələrin təcrübəsindən faydalanmaq lazımdır.
Mən ölkənin adını çəkmək istəmirəm, konkret olaraq keçən ay Azərbaycan səfirliyinin verdiyi viza var. Bunu ən azı dizayn baxımından qəbul etmək olmaz. Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu barədə müvafiq qərarlar qəbul etməlidir. Dediyim kimi, biz texnologiyaların verdiyi imkanlardan maksimum faydalanmaqla vizanın formasını dəyişməliyik. Viza, hesab edirəm ki, dizayn baxımından da gözəçarpan olmalıdır. Bu həm də ölkənin imici üçün də müsbət əhəmiyyətə malikdir. Əlbəttə, bu dəyişikliklər mütərəqqi xarakter daşıyır və biz bunları qəbul etməliyik. Mən bu qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis! Azərbaycana gələn turistlərin sayının artması bu dəyişikliklərin və tədbirlərin görülməsini zəruri edir. Gələnlərin ölkə haqqında ilk təsəvvürü elə viza alan andan başlayır.
Normal bir sənəddir, amma bir-iki qeydim var. 14-cü maddənin birinci hissəsində viza üçün şəxsin özünün və nümayəndəsinin müraciəti nəzərdə tutulur. Bizdə qanunvericiliyə görə bir rəsmi, bir də etibarnamə ilə təsdiqlənən nümayəndə var. Məncə, bu aydınlaşdırılmalıdır, sənəddə dəqiqləşdirilməlidir.
İkinci fikrim yenə həmin maddə ilə bağlıdır. Əli bəy də bu barədə dedi, turistlər yalnız turist şirkətləri vasitəsilə viza alırlar. Mən bunu başa düşə bilmirəm. Bir şəxs heç bir turist şirkətinə müraciət etmədən özü Azərbaycana gəlmək istəyir. Biz niyə onun üçün bu məhdudiyyəti yaratmalıyıq? Bəlkə o ölkədə, ümumiyyətlə, Azərbaycanla əlaqəsi olan bir turist şirkəti yoxdur. Ona görə tək gəlmək istəyən adamlar üçün bu məhdudiyyəti qoymaq olmaz.
Sonra, burada sənədlərin geri göndərilməsi məsələsi var. Biz burada Azərbaycan səfirlikləri və konsulluqlar üçün əlavə bir iş açırıq. Başqa yerlərdə belə bir şey yoxdur. Elektron poçtla göndərilən o sənədin surəti onsuz da heç kimə lazım deyil. Səfirlik onu təzədən niyə geri qaytarmalıdır? Mənə elə gəlir ki, Əli bəy, bu məsələyə baxılmalı və ola bilsin, müəyyən düzəlişlər aparılmalıdır.
Ümumiyyətlə, viza məsələsi ilə bağlı Azərbaycanda bir çox problemlər var. Təkcə viza almaq deyil, digər məsələlər də həll olunmalıdır. Bunun biri bizə yaxın olan ölkə ilə münasibətdə ortaya çıxır. Məsələn, neçə müddətdir deyirik ki, Türkiyə ilə viza məsələsi həll olunsun, bizə ən yaxın ölkədir və sair. Əksinə, bunu getdikcə mürəkkəbləşdiririk. Təsəvvür edin ki, Azərbaycandan Türkiyəyə işləməyə gedən adamlar bir aydan sonra qayıtmalı, təzədən müddəti uzatmalıdırlar. Onda bu adam qazancını ancaq yollarda xərcləməlidir. Hətta bu müddət 3 ay olsa belə, dediyimizi təmin eləmir. Hər iki ölkədə çoxlu sayda işçi miqrantların mövcudluğu nəzərə alınmalı və bu məsələ sadələşdirilməlidir.
Biz deyirik ki, Türkiyədən vizasız gələnlər sərhəddə mü-vafiq rüsum ödəyəndən sonra Azərbaycan ərazisinə keçirlər. Bu, aeroportlarda belədir. Əgər qanun qəbul olunubsa, bu, Azərbaycanın bütün qapılarına şamil edilməlidir. Amma təsəvvür edin, Türkiyədən maşınla “Qırmızı körpü”yə gəlirlər. Əgər viza yoxdursa, deyirlər ki, siz Tbilisiyə qayıtmalısınız, Azərbaycan konsulluğundan, ya da səfirliyindən viza alıb gəlməlisiniz. Deməli, bu insan tanımadığı bir şəhərdə bizim səfirliyi tapmalı, günlərlə növbəyə dayanmalı və nəhayət, bütün bizə məxsus olan bürokratik əngəlləri aşıb təzədən “Qırmızı körpü”yə qayıtmalıdır. Niyə bu, aeroportda tətbiq olunur, amma “Qırmızı körpü”də, Balakən, Astara keçid məntəqələrində tətbiq olunmur? Orada rüsumunu versin və keçsin.
Digər tərəfdən, əgər kimsə “Qırmızı körpü” keçid məntəqəsinə öz maşını ilə gəlirsə, ondan girov tələb olunur. O, gi-rovu verəndən sonra Azərbaycana keçməlidir. Çox böyük miqdarda girov tələb olunur. Bu adam bəlkə heç bilmir, təsəvvürü yoxdur ki, bizdə belə bir qanun mövcuddur. Birdən-birə ondan 5000 dollar, ya da avro pul istəyirlər ki, sən bu bahalı maşınını qaytarmazsan, sata bilərsən. Bu adamın da cibində bu pul yoxdur. Onların bir çoxu böyük nifrətlə və bizim ölkədən inciyərək qayıdıb gedirlər. Bu məsələlər göz qabağındadır və bu işin içində olan adamlar bunu yaxşı bilirlər. Bu məsələlər sadələşdirilməlidir, buna bir əncam çəkilməlidir və ölkəmiz haqqında bu cür təsəvvürlərin yaranmasına yol verməməliyik.
Bilirsiniz ki, İrandan Azərbaycana çox böyük turist axını var. Cənubda cəmi iki keçid məntəqəsi var. Biri Astaradadır, digəri Biləsuvarda. Üstəlik, Naxçıvandan, Türkiyədən və Yaxın Şərq ölkələrindən gələnlərin bir hissəsi oradan keçir. Görün, nə boyda bir çətinlik var. Novruz bayramında on minlərcə insan gecə-gündüz Biləsuvar və Astara keçid məntəqələrinin yanında yatırdı. Azərbaycanın İranla münasibətləri var və biz bunların sayını artıra bilərik də. Niyə Cənub rayonlarının hər birində bir keçid məntəqəsi olmasın? Niyə adamlarımız bu cür əziyyət çəkməlidirlər? Bunun nəticəsidir ki, illər boyu İrandan Azərbaycana gələn turistlərin bir hissəsi Ermənistan keçid məntəqələrində yaxşı münasibət gördüklərinə görə ora axın edirlər.
Nəhayət, bir başqa məsələyə toxunmaq istəyirəm. Bu da ondan ibarətdir ki, biz keçid məntəqələrində çalışanların in-sanlarla münasibətinə bir göz gəzdirməliyik. Ölkəyə gələn adamlar onun qapısında dayananların sir-sifətindən, geyimindən bu ölkə haqqında təsəvvür əldə edirlər. O sistemdə işləyənlərin çox böyük bir hissəsi, üzr istəyirəm, beynəlxalq baxış acısından tərbiyəsiz adamlardır. Onların öz ölkəsini təqdim və təmsil etmək səviyyələri yoxdur. Bəzən onların çamadanlarını təpikləyirlər. Sıralarda dayanan adamlarla elə rəftar edirlər ki, onlar bura gəlməyə peşman olurlar.
Ölkədə demokratiya, inkişaf – hər şey qapıdan başlayır. Qapılarımızda gülər sifətimizi, xoş münasibətimizi göstərməliyik. Gələn sevinməlidir ki, nə gözəl bir ölkəyə gəlir. Çıxıb gedəndə deməməlidir ki, şükür, buradan qurtardım. Kanadada bir yəhudi mənə dedi ki, Bakıya gəlmişdim. Vətənimdir, oraları, Qırmızıkəndi sevirəm. Amma deyir ki, Bakıdan Qırmızıkəndə gedib çıxana kimi yolda 1000 dollar pul xərclədim. Müxtəlif yerlərdə bu pulu məndən qopardılar, mən bir də ora qayıtmaq istəmirəm. Biz elə etməliyik ki, o insanların bir də bura gəlmək həvəsləri olsun.
Bu dəyişikliklər, əlavələr, görülən bu işlər yaxşıdır, amma buna uyğun hərəkət edilməlidir. Məsələn, mənim üçün çox maraqlıdır ki, o turistlərə Azərbaycanı nə cür təqdim edirlər. Qız qalası haqqında onlara nə məlumat verirlər? Elə köhnə cəfəngiyatları deyirlər? Bunlar bir sistemdir. Görünür, Milli Məclis komitələrin birinə tapşırmalıdır ki, turistlərə xidmət mədəniyyəti ilə bağlı araşdırma aparsın. Görək o danışanlar kimdir və nə deyirlər? Şəhəri, muzeyləri necə təqdim edirlər, turistlər Azərbaycan haqqında hansı təəssüratla gedirlər? Çox sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təbii ki, mən də bu dəyişiklikləri dəstəkləyəcəyəm, çünki bu çox önəmlidir. Söhbət təkcə ölkəmizdə tur-izm ilinin elan olunmasından getmir. Büdcəyə çox ciddi gəlir gətirdiyi üçün ölkələr arasında turistlərin cəlb edilməsi istiqamətində çox ciddi rəqabət gedir. Azərbaycanın da bu sahədə çox böyük potensialı var. Turistlərin Azərbaycana daha çox cəlb olunması istiqamətində addımlar atılmalıdır. Sabir bəyin səsləndirdiyi bəzi təklifləri təkrarlamadan dəstəkləyirəm.
Eyni zamanda, vizaların verilməsi qaydalarının sadələşdirilməsi də çox vacib məsələlərdən biridir və mən bu dəyişikliklərin hamısını dəstəkləyirəm. Hesab edirəm ki, bu çox önəmli bir məsələdir. Həm turizm sektorunun inkişafı, həm də, ümumiyyətlə, Azərbaycana gələn insanlara vizaların verilmə qaydalarının sadələşdirilməsi ölkəmiz üçün çox vacib bir məsələdir.
Mədəniyyətlərarası dialoqla bağlı tədbirdə olduğum üçün cari məsələlərin müzakirəsində iştirak edə bilmədim. Amma mənim qaldıracağım məsələ bu mövzuya yaxın olduğu üçün onu burada səsləndirmək istəyirəm. Mənim həmkarlarım da bir neçə dəfə bu məsələni qaldırıblar. Söhbət ondan gedir ki, biz parlamentdə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi qəbul etməliyik. Mən çox istəyərdim ki, bu məsələ üzərində iş getsin və bu sənəd qəbul olunsun. Bu bizə nəyə görə lazımdır? Biz görürük ki, bu günlər Ermənistan rəhbərliyi nəinki münaqişənin dinc yolla həll edilməsi istiqamətində heç bir addım atmaq istəmir, üstəlik, bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda və açıqlamalar verməkdə davam edir. Biz bunu aeroportun inşası məsələsində də, 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsində də görürük və hər gün davam edən proseslər sonunda bunu daha da artıra bilərik.
Amma ən ciddi məsələlərdən biri ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ bölgəsində müəyyən insanları qeyri-hökumət təşkilatlarının vasitəçiliyi ilə cəlb edərək tədbirlər keçirir. Oraya qeyri-hökumət təşkilatlarını, müxtəlif mətbuat nümayəndələrini, siyasətçiləri dəvət edirlər. Bəzi beynəlxalq təşkilatlar da onlara çox ciddi şəkildə dəstək verirlər. Bəzi qeyri-hökumət təşkilatları orada müəyyən forumlar, konfranslar keçirərək Ermənistanın çirkin niyyətlərinə gizli və açıq şəkildə dəstək verdiklərini göstərirlər. Təbii ki, Azərbaycanın bu istiqamətdə siyasi bir qərarı var. İşğal olunmuş ərazilərə Azərbaycan dövlətinin icazəsi olma-dan, qeyri-qanuni şəkildə gedən insanların sonradan Azərbaycana gəliş-gedişinin qadağan olunması ilə bağlı ortalıqda siyasi bir iradə var.
Amma çox önəmlidir ki, biz bunu qanunvericilik səviyyəsində də həyata keçirək. Eyni zamanda, bu, Azərbaycanın işğal altında olan ərazilərində işləyən şirkətlərə, o şirkətlərdə çalışan şəxslərə və onlarla əməkdaşlıq edən digər şirkətlərə də şamil olunmalıdır. Bu qanun layihəsində Azərbaycan ərazilərinə qeyri-qanuni şəkildə gələnlərin arzuolunmaz şəxs elan olunmaları, onların heç zaman Azərbaycan ərazilərinə buraxılmayacaqları, burada hər hansı bir fəaliyyətlərinə im-kan verilməyəcəyi öz əksini tapmalıdır.
Bu qanun bizə nə verəcək? Mən vurğulamaq istəyirəm ki, Gürcüstanda belə bir qanun layihəsi var. Bu qanun layihəsi ilk öncə bizə bir daha bu məsələni beynəlxalq gündəmə çıxarmaq imkanı verəcək. Azərbaycanda xarici ölkələrin səfirlikləri, bir çox ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndəlikləri var. Biz bunu bir daha beynəlxalq gündəmə çıxarmaqla beynəlxalq ictimaiyyətə məlumat verəcəyik ki, o ərazilər Azərbaycanındır, işğal olunub və ora Azərbaycan dövlətinin icazəsi olmadan gedib-gəlmək qeyri-qanunidir. Bu özü çox vacib məsələdir. Bu həm medianın, həm də Azərbaycanda təmsil olunan diplomatik korpusların diqqətində olacaq. Biz bununla beynəlxalq ictimaiyyətin bu istiqamətdə daha bilgili, daha məlumatlı olmasını təmin edə və onlara daha ciddi şəkildə xəbərdarlıq edilməsi məsələsini ortaya qoya bilirik. Yəni bununla göstərə bilərik ki, Azərbaycanın nümayiş etdirdiyi siyasi iradənin arxasında qanun-vericilik var və bu, Azərbaycan qanunvericiliyi ilə birmənalı şəkildə təsbit olunur.
Bu çox vacibdir, çünki bu gün Ermənistan və onun havadarları müxtəlif yollarla müəyyən şirkətləri cəlb edərək Azərbaycanın işğal altında olan ərazilərini talamaqla, müxtəlif fəaliyyət növləri ilə məşğuldurlar. Dünyanın müxtəlif yerlərindən onlarla əməkdaşlıq edən şirkətlər var. Müxtəlif yerlərdən insanları qeyri-qanuni oraya toplamaqla Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi çirkin siyasətə dəstək verən bəzi beynəlxalq qüvvələrə, bəzi təşkilatlara bu məsələ ilə bağlı daha ciddi xəbərdarlıq etmək gərəkdir. Ona görə də mən çox istərdim ki, biz bu məsələyə daha diqqətlə yanaşaq, mütəxəssislərimizin iştirakı ilə beynəlxalq təcrübəni öyrənərək və bu istiqamətdə bir qanun layihəsi hazırlayaq. Bunun qəbul olunması çox vacib və əhəmiyyətli olardı. Mən elə bunu təklif etmək istəyirdim. Sağ olun.
Sədrlik edən. Hadi Rəcəbli.
H.Rəcəbli. Çox sağ olun, Ziyafət müəllim, minnətdaram. Məsələnin nə qədər aktual olduğuna heç kəsin şübhəsi yoxdur və bütün müzakirələr bunu bir daha göstərdi. Mən bir məsələni vurğulamaq istəyirəm. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin məsələyə xüsusi diqqətinin nəticəsidir ki, 2011-ci il Azərbaycanda “Turizm ili” elan ol-unub və eyni zamanda, Azərbaycanda turizmin inkişafı ilə bağlı çox böyük bir proqram təsdiq olunub. Dövlət pro-qramına möhtərəm Prezidentimiz imza atıb.
Əlbəttə, biz dünyaya inteqrasiya edirik. Bu addım Azərbaycan iqtisadiyyatında da özünün xüsusi yerini göstərəcək. Bildiyimiz kimi, Azərbaycan üçün daha xarakterik olan əmək tutumlu iş yerlərinin yaradılmasıdır. Bu, aqrar sahənin, eyni zamanda, turizm və istirahət iqtisadiyyatının inkişafı məsələləridir. Heç təsadüfi deyil ki, Azərbaycanda  bu sahənin inkişafı ilə bağlı Turizm İnstitutu fəaliyyət göstərir. Bu da bir daha bu sahənin inkişafına xüsusi önəm verir.
Layihəni dəstəkləyirəm, amma burada narahatlıq doğuran iki məqamı qeyd etmək istəyirəm. Birinci narahatçılıq xüsusi xidmət orqanları ilə bağlıdır. Əlbəttə, Azərbaycana turist axını artacaq. Bu axının içərisində cürbəcür insanların olmasına heç bir şübhə yoxdur. Ona görə bizim xüsusi xidmət orqanlarının öhdəsinə böyük vəzifələr düşür.
Digər önəmli məsələ odur ki, Azərbaycan hava limanlarında, keçid məntəqələrində özünün simasının necə olduğunu göstərəcək. Odur ki, biz bu sahədə çox ardıcıl iş aparmalıyıq. Turistlərin, qonaqların qarşılanması, onlara göstərilən xidmətin keyfiyyətinin artırılması bu qəbildən olan məsələlərdir. Əlbəttə, bu dəyişikliklərdən sonra biz bu məsələlərə xüsusi diqqət yetirməliyik. Biz bu layihəyə səs verəcəyik. Layihə, əlbəttə, Azərbaycanın sosial müdafiə sistemində özünəməxsus yer tutacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mən də bu qanun layihəsinin komitənin iclasında müzakirəsi zamanı çıxış etdim və müəyyən məsələlərə öz münasibətimi bildirdim. Təbii ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər günün və zamanın tələbidir. Belə hesab edirik ki, Azərbaycan dünyaya inteqrasiya etdikcə turistlərlə bağlı daha geniş məsələləri həll etməli və ölkəyə turizm axını üçün müəyyən tədbirlər görməlidir.
Müzakirə zamanı turistlərə birdəfəlik giriş-çıxış üçün 30 günlük müddətin verilməsi məsələsi həmkarlarım tərəfindən də dəstəklənib. Belə hesab edirik ki, bu, olduqca normal müddətdir və digər dövlətlərdə tətbiq olunan müddətlərə uyğunlaşdırılıb. Eyni zamanda, Əli müəllimin qeyd etdiyi kimi, qanunvericilikdə fors-major halları da nəzərdə tutulub.
Komitənin iclasında qanunun 14-cü maddəsinə müəyyən təkliflər olmuşdu. Hesab edirəm ki, bu gün də gec deyil, bəzi xırda detallara diqqət yetirmək lazımdır. Təklif olunan mətnin birinci bəndində viza alınması üçün şəxsin özünün və nümayəndəsinin müraciəti göstərilir. Bunun forması, hara və necə müraciət etməsi qeyd olunub. Təbii ki, bir şəxs də, iki şəxs də turizmlə bağlı Azərbaycana gəlirsə, bugünkü qanunun təsiri altına düşür. Lakin ikinci bənddə dərhal qeyd edirik ki, turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər. Bu artıq düzünə göstərişdir və birinci bəndlə ikinci bənd arasında müəyyən qədər fikir ayrılığına gətirib çıxarır. Bu baxımdan ikinci bənddə “turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər” deyil, “turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə də müraciət edə bilərlər” kimi öz əksini tapsa, biz həm bir-inci bənddə göstərilən qaydaların fəaliyyətinə istiqamət yaratmış olarıq, həm də turizm şirkətlərinin sonrakı bənddə hansı formada fəaliyyət göstərmələrini qeyd edə bilərik.
Turizm şirkətləri vasitəsilə vizaların verilməsi çox mütərəqqi və normal haldır. Belə ki, səfirliklərimiz olmayan üçüncü ölkələrdə həmin ölkənin vətəndaşlarının digər dövlətlərdəki səfirliklərə müraciət etməsini məhz turizm şirkətləri öz boynuna götürməklə əcnəbilərin müəyyən çətinliklərini sadələşdirmiş olurlar. Burada həmçinin qeyd olunur ki, vizanın verilməsindən imtina edilirsə, bu barədə əsaslandırılmış məlumat verilir. Mən qeyd etmək istəyirəm ki, bəzi Avropa ölkələrində heç bir əsaslandırma olmadan, sadəcə olaraq, vizanın verilməsindən imtina olunur. Bu da bizim müəyyən məsələləri aydınlaşdırmaq və yaxud bundan şikayət etmək hüquqlarımızı məhdudlaşdırır. Əsaslandırılmış şikayətin verilməsi əcnəbiyə imkan verir ki, gələcəkdə məhkəməyə şikayət etmək hüququnu öz üzərində saxlasın. Bununla da biz Azərbaycan qanunlarının nə qədər demok-ratik olmasını bir növ göstərmiş oluruq.
Qanun layihəsində qeyd olunur ki, turistlərə viza verilməsi haqqında ərizələrə on beş iş günü keçənədək baxılır. Bu ifadə bir az  üslubu ağırlaşdırır. Mən təklif edərdim ki, bunu, sadəcə olaraq, “on beş iş günü müddətində baxılır” kimi qeyd etməklə bu məsələni həll etmək olar. Çünki “iş günü keçənədək” sözləri düzgün ifadə forması deyil.
Bir məsələni də qeyd edim. Niyə məhz “on beş iş günü”? Bayaq qeyd olundu ki, bayram günlərini və sairi nəzərdə tutduq. Deyildi ki, guya burada müəyyən qədər əcnəbilərin xətrinə dəymiş olarıq. Əslində, belə deyil. Hörmətli həmkarlar, Azərbaycana gələn turistlərin içərisində xoşməramlı ol-mayan insanlar da olacaq. Bunların arasında xüsusi xidmət orqanlarının əməkdaşları, müəyyən dini qurumların üzvləri, Azərbaycanı istəməyən insanlar ola bilər. Bütün bunları ay-dınlaşdırmaq, hər bir fərdin kimliyi barədə kifayət qədər məlumat əldə etmək üçün bu müddətin olması olduqca məqsədəuyğundur. Təbii ki, turizmdən gələn gəlirlər deyil, dövlətin təhlükəsizliyi öndə olmalıdır. Bu baxımdan mənə elə gəlir ki, 15 gün məsələsi müzakirə predmeti ola bilməz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mənim, sadəcə, turizmlə əlaqədar bir təklifim var. 2011-ci il “Tur-izm ili” elan olunub. Ümumiyyətlə, Azərbaycanda görülən quruculuq işləri, Azərbaycanın günü-gündən gözəlləşməsi, mənə elə gəlir ki, axır nəticədə elə turizmin inkişafına gətirib çıxarası idi. Mən turizmə belə münasibət bəsləyirəm. Elə dövlətlər var ki, turizmin hesabına yaşayırlar.
Azərbaycan üçün turizm, mənim fikrimcə, Azərbaycanı dünyaya daha çox tanıtmaq üçün lazımdır. Mən elə bilirəm ki, turistlər yalnız Bakıya gəlməməlidirlər. Bəli, Bakı, doğrudan da, günü-gündən gözəlləşir, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Buna söz yox, amma turistlər rayonlarımıza da gəlməlidirlər. Rayonlarda, sözsüz ki, abadlıq işləri aparılır. “Turizm ili” elan olunandan sonra bu işlər daha sürətlə, daha böyük həcmdə getməlidir. Mənim təklifim ondan ibarətdir ki, bu işlərin daha professional şəkildə görülməsi üçün yerlərdə memarlıq şöbələri mərkəzləşmiş bir quruma tabe edilməlidir. Yerli icra hakimiyyətinin tabeçiliyində olsunlar, ancaq bu, nisbi olsun. Əsasən onlar böyük memarlıq qurumunun tabeçiliyində olsunlar. Belə olarsa, bu gün tikilənlər gələcəkdə sökülməz. Bu başdan elə qurulmalıdır ki, həm bizim, həm də dünyanın müxtəlif ölkələrindən gələn adamların zövqünə uyğun olsun. Mənim təklifim bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Rafael müəllim, Sizin sualınız var idi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rafael Cəbrayılova mikrofon verin.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, mənim sualım yoxdur. Mənim çıxış üçün növbəm Qənirə xanımdan sonra idi, bilmirəm, nədənsə adım pozuldu. Mən istədim ki, bunu Sizə xatırladım, növbəm bərpa olunsun. O da olmadı. Mən çıxış etməkdən vaz keçdim. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Şərait yaratdınız ki, mən bir sıra məsələlərə münasibət bildirim. Ziyafət müəllim,  mən bilirəm ki, əcnəbilərə viza verilməsi ilə bağlı məsələ həm mətbuat, həm də əcnəbilər üçün maraqlıdır. Biz gərək elə eləyək ki, bu məsələlərdə tam aydınlıq olsun. Bir daha vurğulayıram ki, bu qanun yalnız turistlərlə bağlı deyil. Biz, sadəcə, qanunvericiliyimizə “turizm vizası” anlayışını gətirdik. Amma qanun əsas etibarilə əcnəbilər üçün sadələşdirilmiş, daha rahat, daha şəffaf vizanın əldə olunmasını özündə ehtiva eləyir.
Hörmətli Azay müəllim bir məsələ ilə bağlı narahatçılığını bildirdi, bir neçə millət vəkili də bunu təkrarladı. Turizm şirkətlərinin viza verməsi məsələsini deyirəm. Qeyd etmək istəyirəm ki, heç bir ölkədə turizm şirkəti viza vermir. Vi-zanı səfirlik, konsulluq verir. Turizm şirkətləri bu işdə vasitəçidir. Ona görə hər hansı bir turizm şirkətinin başqa məqsədi olması ilə bağlı narahatlığa heç bir əsas ola bilməz. Turizm şirkəti viza almaqdan ötrü vasitəçidir.
Eyni zamanda, mən millət vəkillərinin müəyyən narahatçılığını başa düşürəm. Bütün ölkələrdə millət vəkilləri ölkənin milli təhlükəsizliyi üçün narahat olurlar. Hörmətli Hadi müəllim söylədi ki, artıq təhlükəsizlik orqanlarının işi artır. Eyni zamanda, haqlı olaraq qeyd elədi ki, ölkənin giriş qapıları onun bir simasıdır. Mənə elə gəlir ki, Hadi müəllim, ar-tıq birinci ifadədən simamızı göstərmiş olduq. Hamını qorxutduq ki, turistlər gəlirlər, təhlükəsizlik orqanları yoxlayacaq. Təhlükəsizlik orqanları bu işi qanunvericilikdə qeyd olunduğu kimi onlayn sistemində həyata keçirirlər.
İkincisi, bizim qanunvericilik bu baxımdan tam şəffafdır. İstər turist olsun, istərsə də başqa əcnəbi, onlara viza verilməsindən imtinanın konkret halları “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda açıq və şəffaf şəkildə göstərilib. Həm də biz bu qanunda bir sıra ölkələrdən fərqli olaraq vurğulayırıq ki, viza verilməsindən imtina edildikdə əsaslandırılmış məlumat verilməlidir. Yəni əcnəbi tur-ist aydın şəkildə görəcək ki, niyə Azərbaycan səfirliyi ona viza verməkdən imtina etdi. Kiməsə viza verməkdən imtina edilərsə, Azərbaycan tərəfi bunu öz məktubunda açıq şəkildə göstərəcək.
Eyni zamanda, Sabir müəllim bu məsələ ilə bağlı dedi ki, viza verilməsindən imtina edildikdə sənədlərin müvafiq məktubla geri qaytarılmasına ehtiyac yoxdur. Amma çox ciddi ehtiyac var. Burada yazılıb ki, viza verilməsindən im-tina edildikdə sənədlər müvafiq məktubla geri qaytarılır. Çünki bəzi hallarda turist və ya əcnəbi şəkilli pasport üçün sənədlər təqdim edir. Onu, əlbəttə, geri qaytarmaq lazımdır. Həm geri qaytarılır, həm də imtina olunursa, əsaslandırılmış məktub da verilir.
Dil, üslub və texniki məsələlərin üzərinə qayıtmaq istəyirəm. 2.2-ci maddədə yazılır: “Turistlər viza almaq üçün tur-izm şirkətləri vasitəsilə müraciət edirlər”. Hörmətli həmkarlar, biz, əlbəttə, bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edə bilərik. Mən fikrimi bildirdim. Hörmətli Çingiz müəllim bu məsələni qaldırdı, yeri gəlmişkən, Rafael Cəbrayılov da məhz bunu deyəcəkdi. Amma mənə elə gəlir ki, formal hüquqi məntiqdən yanaş-saq, buna ehtiyac yoxdur.
“Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər”. Yəni istəməsə, turizm şirkətinə müraciət eləməsin. Biz məgər ona qadağan elədik ki? İstəmirsə, müraciət eləməsin. Onda 2.1-ci maddə işə düşmüş olur. Yəni ümumi qaydada viza alır. Amma “turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər” müddəası o deməkdir ki, hər bir əcnəbinin turizm şirkəti vasitəsilə  sadə bir formada viza əldə eləmək imkanı var. Amma ola bilər ki, əcnəbi turizm şirkətinin xidmətlərindən istifadə eləmir, viza əldə edir, Azərbaycana gəlir və özü də turizmlə maraqlanır. Ola bilər ki, hər hansı bir iş adamı turist vizası əldə edib biznes marağı ilə bağlı Azərbaycana gəlsin, həm turizmlə maraqlansın, həm də başqa işlərini görsün. Demək istəyirəm ki, bu müddəaların biri o birini istisna eləmir.
Əksinə, bu nə verir? Birincisi, mütərəqqi dünyada kim turizmlə bağlı başqa ölkəyə gedirsə, turizm vauçeri əldə edir. Nəticədə bütün proseslər rahatlaşır. Eyni zamanda, turisti qəbul edən ölkədən ötrü də bunun əhəmiyyəti var. Onda müəyyən edilir ki, nə qədər insan məhz turizm məqsədi ilə Azərbaycana gəlib və yaxud başqa ölkəyə gedib. Bu artıq iqtisadiyyatın bir sahəsidir və ölkə ona diqqət verməyə başlayır.
Sonda burada səslənmiş digər fikirlərə də münasibət bildirmək istəyirəm. Hörmətli Sabir müəllim və Qənirə xanım bir məsələyə toxundular. Əlbəttə, bu, məsələnin bir hissəsidir. Heç şübhəsiz, turistlər Azərbaycana daxil olarkən dövlət orqanlarının işçiləri ilə, vətəndaşlarla üzləşirlər. Şükür ki, bizim xalqımız mədəni baxımdan çox yüksək, tolerant, qonaqpərvərdir. Burada problem yoxdur. İndi həyata keçirdiyimiz islahatlar da dövlət orqanlarında etik davranış qaydalarına riayət edilməsinə gətirib çıxarır.  Əlbəttə ki, o məsələlər də həll olunmalıdır, çünki turizm yalnız viza almaqla bitmir, bütövlükdə ölkənin digər sahələrində daha mütərəqqi iş üsulunu özündə ehtiva edir. Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycanı yalnız turizm baxımından maraqlı etməyəcək, eyni zamanda, əcnəbilərin işlə, bizneslə bağlı Azərbaycana gəlmək üçün viza əldə etmək məsələsini sadələşdirəcək. Azərbaycan dövləti də bunda maraqlıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsini kifayət qədər müzakirə etmək imkanı oldu. Çıxış edən bütün həmkarlarım razılaşdılar ki, doğrudan da, çox zəruri bir qanun layihəsidir. Xüsusilə nəzərə alsaq ki, həqiqətən, bu gün Azərbaycanın dünyada turizm nöqteyi-nəzərindən çox yüksək imici var və ölkəmizə gəlmək istəyən turistlərin sayı çoxalır, onda çalışmalıyıq ki, onların gəlmək imkanları sadələşsin.
Əgər etirazınız yoxdursa, qanun layihəsini səsə qoya bilərik. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyu-run.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarım, biz əvvəlki layihədə də müəyyən mənada miqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Xatırlatmaq istəyirəm ki, cəmi bir neçə ildir, Azərbaycanda miqrasiya məsələlərini tənzimləyən vahid mərkəzləşmiş bir orqan – Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Cənab Prezident tərəfindən bu xidmətin maddi-texniki təminatı ilə bağlı bütün işlər görülmüşdür. Tam əminliklə demək olar ki, əvvəllər belə bir xüsusi təcrübənin olmasına baxmayaraq, qısa zaman çərçivəsində yaradılan bu orqan qarşıda duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirir.
Əlbəttə, miqrasiya orqanlarında çalışan əməkdaşların maddi təminatı, sosial vəziyyəti, əmək haqları “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” ilə tənzimlənir. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə edilən dəyişiklik miqrasiya orqanı əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi güdür və əlavə bir həvəsləndirici tədbirdir. “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən təsdiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi miqrasiya orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Hörmətli həmkarlar, bu məsələni komitələrin birgə iclasında çox geniş müzakirə etmişik. Ortaya çıxan əsas sual bundan ibarət olub ki, bu vəsait hara xərclənə bilər? Birmənalı şəkildə qanunvericilik təşəbbüsü subyektinin iradəsini və fikrini sizə çatdırmaq istəyirəm: bu vəsait ancaq maddi təminatın və sosial müdafiənin gücləndirilməsinə, yəni əmək haqqına, yaxud digər sosial təminatlara yönələ bilər. Bu heç bir halda maddi-texniki təminat kimi başa düşülmür. Yəni avadanlıqların alınması və sair buna aid deyil.
Qanunun qəbulundan sonra cənab Prezidentin fərmanı ilə bu vəsaitin istifadə qaydaları müəyyən olunacaq. Məlumat üçün demək istəyirəm ki, büdcəyə gələn hər bir vəsaitin istifadə qaydalarına Maliyyə Nazirliyi tərəfindən də nəzarət olunur. Amma ümumilikdə, hesab edirəm ki, belə bir əlavə indiki şəraitdə müsbət bir stimul verən həvəsləndirici addımdır. Millət vəkillərindən bu sənədi dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli millət vəkilləri, hamımıza yaxşı məlum olduğu kimi, miqrasiya xidməti dövlət qurumu kimi ölkəmizin müstəqillik qazandığı illərdə formalaşmışdır. Bu xidmət sahəsinin fəaliyyəti, onun işinin gücləndirilməsi yalnız və yalnız ölkəmizin beynəlxalq münasibətlərinin inkişaf etdirilməsinə və dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edir. Ona görə də cənab Prezident cəmiyyət həyatının digər məsələləri kimi, bu vacib və əhəmiyyətli sahəyə də daim böyük diqqət yetirir. Artıq dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər nəticəsində miqrasiya xidməti orqanlarında pensiya təminatı, sığorta, tibb xidmətindən istifadə, birdəfəlik müavinətlərin əldə edilməsi kimi problemlər öz həllini tapmışdır.
Lakin ölkəmizin daim inkişaf etdiyini, beynəlxalq münasibətlərimizin genişləndiyini nəzərə alsaq, bu gün miqrasiya xidməti orqanlarının fəaliyyətinə xüsusi diqqət verilməsi qarşıda duran əsas vəzifələrdəndir. İndiyə qədər daha çox əmək miqrantlarından danışırdıqsa, bu gün artıq burada cəmiyyətimizin inkişafı ilə əlaqədar turizm miqrantlarından söhbət getdi. Bütün bunlar hamısı miqrasiya xidməti orqanlarının çoxcəhətli fəaliyyət sahəsinə malik olduğunu göstərir. Hətta gözə görünən və görünməyən miqrasiya axınları ilə mübarizə də bu xidmət sahəsinin fəaliyyətinə aiddir. Ona görə də mən qanun layihəsinə edilən dəyişikliklərə tamamilə tərəfdaram. Bu dəyişiklik ölkəmizin Prezidenti İlham Əliyevin Azərbaycan xalqının sosial müdafiəsinə yönəlmiş fəaliyyətinin daha bir göstəricisi kimi diqqəti cəlb edir.
İkincisi, cərimələrdən əldə edilən vəsaitin 25 faizinin onların maddi təminatına sərf olunması miqrasiya xidmətində çalışan adamların sosial müdafiəsini gücləndirməyə, onların fəaliyyətini stimullaşdırmağa böyük imkanlar verəcəkdir. Nəticədə isə dövlətimiz qazanacaqdır. Ona görə də mən bu dəyişikliyi məqsədəuyğun hesab edirəm və hamını buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bir məsələni sizinlə məsləhətləşmək istəyirəm. Deputat həmkarlarım Madər Musayev və İmamverdi İsmayılov təklif edirlər ki, saat 3-ə qədər fasiləsiz işləyək. Nəzərə alaq ki, bugünkü gündəliyimiz həcmcə o qədər də böyük deyil. Etiraz et-mirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli həmkarlar, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə edilən dəyişiklik adi bir dəyişiklik deyil. Biz komitənin iclasında da bu məsələni geniş müzakirə etdik. Qeyd etmək istəyirəm ki, 90-1-ci maddənin bu gün müzakirəyə çıxarılmasına ölkədə aparılan rüşvət və korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi baxmaq olar.
Heç kimə sirr deyil ki, son vaxtlara qədər bəzi dövlət qu-rumlarında müəyyən “zərf sistemi” var idi və işçilərin sosial müdafiəsini, maddi təminatını yaxşılaşdırmaq üçün qeyri-qanuni metodlardan istifadə olunurdu. Lakin artıq cənab Prezident tərəfindən Dövlət Yol Polisi, gömrük və ədliyyə orqanları əməkdaşlarının sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı oxşar fərman və sərəncamların verilməsi, eyni zamanda, qanunlara dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış olunması onu göstərir ki, bu qeyri-qanuni praktikaya son qoyulması üçün müəyyən tədbirlər hazırlanır və ardıcıl olaraq bizim müzakirəmizə verilir.
Elə hesab edirəm ki, miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin, maddi təminatının qanuni yolla yaxşılaşdırılması onlarda işə daha xoş və daha intizamlı münasibət, fikir formalaşdıracaq və neqativ halların qarşısı alınacaq. Bu baxımdan cərimələrdən əldə olunan vəsaitin 25 faiz-inin bu orqanlara verilməsi olduqca məqsədəuyğundur.
Əli müəllimin qeyd etdiyi kimi, komitənin iclasında bizi narahat edən bir məqam var idi. Burada göstərilir ki, bu vəsaitdən istifadə qaydası müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Ona görə “gələcəkdə bu vəsait avtomobil və sairənin alınmasına yönələ bilərmi” sualı ortaya çıxmışdı. Əli müəllimin izahından da görünür ki, bu pullar ancaq əməkdaşların sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönələcək. Bu baxımdan, hesab edirəm ki, qanuna edilən dəyişikliklər olduqca mütərəqqidir və neqativ halların aradan götürülməsinə xidmət edir. Təbii ki, işçilərin maddi rifahının yaxşılaşdırılması həmin orqanda işin keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Ona görə həmkarlarımı bu qanunu dəstəkləməyə çağırıram. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun. Əli müəllim, Sizin yekun sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir  94
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul olundu.
Növbəti məsələ İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsinin ikinci oxunuşudur. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunan qanun layihəsi müasir Azərbaycanda iqtisadi islahatların yeni keyfiyyət mərhələsində davam etdirilməsinə, bütövlükdə ölkənin sosial-iqtisadi həyatının canlanmasına xidmət edən bir sənəddir. Qanun layihəsinin zəruriliyi barədə mən keçən iclasda kifayət qədər məlumat verdim. Millət vəkilləri də layihəni daha da zənginləşdirdilər.
Həqiqətən, bu gün Azərbaycanda dinamik inkişafla sığorta bazarının inkişafı arasında qeyri-mütənasib bir vəziyyət yaranmışdır. Ölkənin iqtisadi inkişaf sürəti, ölkədə aparılan islahatların dinamikası, ölkənin sosial-iqtisadi həyatında baş verən dəyişikliklərlə sığorta bazarındakı dəyişikliklər arasında müəyyən uyğunsuzluqlar vardır. Təbii ki, bu uyğunsuzluqların aradan qaldırılması xeyli vaxt tələb edəcəkdir. Qanun layihəsi bu uyğunsuzluqların aradan qaldırılmasına, ilk növbədə Azərbaycanda keyfiyyətli həyat tərzinin təmin edilməsinə və qloballaşan dünya risklərindən qorunmasına, eyni zamanda, dövlətin resurslarından səmərəli istifadə olunmasına, dövlət-özəl münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Mən razılıq hissi ilə qeyd etmək istəyirəm ki, qanun layihəsi ikinci oxunuşa verilməmişdən qabaq İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclasında geniş, ətraflı müzakirə olundu. Millət vəkillərinə məlumat vermək istəyirəm ki, sözün əsl mənasında, çox işgüzar, prinsipial və dəyərli təkliflər oldu. Millət vəkillərinə, hər iki komitənin üzvlərinə təşəkkürümü bildirirəm ki, komitələrin birgə iclasında insanları, cəmiyyəti maraqlandıran bu qanun layihəsi ilə əlaqədar çox dəyərli düzəlişlər verildi. Komitə sədri Hadi müəllim, deputatlardan Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Cavid Qurbanov, Yaqub Mahmudov, İlham Əliyev, Ayaz Orucov, Əli Məsimli, İlham Məmmədov və Musa Quliyev qanun layihəsindəki texniki, redaktə xarakterli nöqsanları göstərməklə yanaşı, çox prinsipial məsələlərə münasibətlərini bildirdilər. Bəziləri qeyd etdilər ki, bizə bu qanun lazımdırmı? Qanun, təbii ki, lazımdır. Cənab Prezident tərəfindən qanun təqdim olunub, birinci oxunuşdan keçib. Komitənin iclasında da millət vəkillərinin əksəriyyəti bu qanunun vacib-liyini birmənalı şəkildə qeyd etdilər.
Bütövlükdə qanunun adı ilə bağlı xeyli mübahisələr oldu. Bu gün də bu mübahisələr davam edir. Qanun “İcbari sığortalar” adlanır, lakin onun tərkibində icbari sığortanı əhatə edən bütün qanunlar haqqında məlumat yoxdur. Tibbi sığorta, bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar qəbul etdiyimiz qanunlar kənarda qalıb. Ona görə millət vəkilləri haqlı olaraq bu qanunun adının dəyişdirilməsini təklif etdilər. Milli Məclisə məlumat vermək istəyirəm ki, daşınmaz əmlak və nəqliyyatla əlaqədar bir variant verilmişdi. Yəni qanunun adına bunları daxil etməklə “icbari sığortalar” sözlərini götürmək təklif olunur. Amma hələlik bu istiqamətdə mübahisələr davam edir. Yəqin ki, biz Prezident Administrasiyası ilə bu məsələləri bir daha müzakirə edəcəyik və millət vəkillərinin qeyd etdiyi haqlı iradlar əsasında bir kon-sensusa gələcəyik.
Vacib məsələlərdən biri ondan ibarətdir ki, bu qanun daş-ınmaz əmlakı əhatə edir. Daşınmaz əmlakla əlaqədar olaraq qeyd edildi ki, dünyanın bir çox ölkələrində icbari sığorta yoxdur. Lakin məlumatlar, faktlar göstərir ki, daşınmaz əmlakın sığortası hesabına daxilolmalar sığorta haqlarında çox böyük bir məbləğ təşkil edir. Bu günlər respublika mətbuatında müzakirəyə çıxardığımız qanunla əlaqədar çox fərqli müzakirələr gedir, müxtəlif fikirlər var. Təbii ki, bu fikirlərdə müsbət cəhətlər çoxdur. Eyni zamanda, bir növ, məsələnin mahiyyətini tam dərk etməmək də hiss olunur.
Bu gün səhər köməkçim mənə bir material verdi. Dünyanın əksər ölkələrində daşınmaz əmlakın sığortası ön plandadır. Amerikada 8 min şirkət daşınmaz əmlakın, yaşayış evlərinin sığortası ilə məşğul olur. Burada gəlirlər var və sair. Bizdə nə üçün bu, könüllü, icbari formada təklif olunur? Çünki Azərbaycanda sığorta bazarının həcmi çox aşağıdır. Adam bəzən xəcalət çəkir. Bu boyda dinamik inkişafın qabağında adambaşına düşən sığorta haqqı 18–20 manatdır, bunun da 60–80 faizi başqa sığortadır. Həyat sığortası cəmi 3–4 faiz təşkil edir.
Biz “Tibbi sığorta haqqında” Qanun qəbul etmişik. Bayaq adlarını çəkdiyim deputatlarımız birmənalı şəkildə dedilər ki, “Tibbi sığorta haqqında” Qanun qəbul etmişik, amma o işləmir. Bu qanunun işləməməsi bütövlükdə səhiyyənin inkişafına, insanların sağlamlığına təsir edir, maddi məsələlərin həllinə çox ciddi maneçilik törədir. Yəni bu var.
Daşınmaz əmlakla əlaqədar Azərbaycan dövlətinin ildən-ilə ayırdığı vəsaitlərin dinamikasına baxsaq, görərik ki, sığorta bazarının inkişaf etməməsi nəticəsində Azərbaycan dövləti dövlət büdcəsindən kifayət qədər pullar ayırır. Bəziləri deyirlər ki, sığorta qanununu qəbul etsək, dövlət büdcəsinə xeyli pullar gələcək. Yəni dövlət bu öhdəliyi üzərindən atır. Elə deyil. Əgər sığorta bazarı inkişaf edirsə, sığorta kampaniyaları, şirkətləri yaranırsa və onların mənfəətləri ar-tırsa, təbii ki, onların büdcəyə ödəmələri artacaq. Bu gün sığorta bazarında çalışan insanlar çox azlıq təşkil edirlər. Amma elə şirkətlər var ki, artıq onlar 200–300 nəfər adamı işlə təmin edirlər. Əgər biz sığorta bazarını inkişaf etdirsək, o bizim üçün həm böyük bir investisiya mənbəyi, həm də professional işçiləri işə cəlb etmək baxımından güclü bir bazar ola bilər. Komitələrin iclasında da deyildi, mənim fikrim ondan ibarətdir ki, biz qanunu təkmilləşdirməliyik. Bunu elə etməliyik ki, korporativ mənafelər, dövlətin, əhalinin mənafeləri toqquşmasın. Əgər bunlar toqquşarsa, onda bu qanun işləməyəcək.
Ümumiyyətlə, Milli Məclisin qəbul etdiyi qanunların arxasında mənafelər durur. Əgər biz vətəndaş cəmiyyəti quru-ruqsa, deməli, bunları nəzərə almalıyıq. Ona görə mən komitənin iclasında səslənən fikirlərə görə millət vəkillərinə təşəkkür edirəm. Çox ciddi müzakirələrdən sonra xalqımız, insanlarımız üçün çox gözəl bir konsensus əldə etdik. Onun mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak, yaşayış evləri sığortalanarkən sığorta məbləği bütövlükdə mənzilin bərpa dəyəri əsasında hesablansın. Mənzillərin dəyəri müxtəlifdir. 200 min, 300 min, yarım milyon və sair dəyərində olan mənzillər var. Bu, insanları qorxudacaq. Bu, icbari sığorta olsa da, mənfəət, axın çox az olacaq.
Mən həm də Maliyyə Nazirliyinin rəhbərliyinə, hökumətə təşəkkür edirəm. Çox ciddi müzakirələrdən sonra bir fikrə gəldik ki, əmlakın dəyərindən, məbləğindən asılı olmayaraq, onun yalnız bir hissəsi – 25 min manatı sığorta məbləği he-sab olunur. Bu 25 min manatın sığorta haqqı bütövlükdə əmlakın, sığortalanmış məbləğin cəmi 0,2 faizini təşkil edəcək. Bu o deməkdir ki, mən əmlakımı sığortalayıram, təbii hadisələrdən, yanğından və sairdən qoruyuram və eyni zamanda, ildə bu əmlak üçün cəmi 50 manat pul ödəyirəm. Ondan yuxarı hissəni sığortalamaq istəyirsənsə, get, könüllü sığortala. Amerika Birləşmiş Ştatları, Almaniya, Norveç məhz bu mərhələləri keçə-keçə gəliblər. Bu gün onlarda sığorta bazarı ikinci maliyyə, investisiya mənbəyi hesab olunur. Gəncə, Bakı, Sumqayıt üçün sığorta məbləği, yenə təkrar edirəm, əmlakın dəyərindən asılı olmayaraq, 25 min manat müəyyən edilir. Rayonlar üçün 15–20 min manat nəzərdə tutulur. Təbii ki, burada pensiyaçılar, şəhid ailələri var. Biz icra orqanı ilə müvafiq söhbət aparırıq, onların da mənafeləri müəyyən formada nəzərə alınacaq.
Bizim hesablamalarımıza görə, bunu tətbiq etməklə ildə daşınmaz əmlakdan 50 milyon manata qədər pul yığıla bilər. Bu o qədər də böyük vəsait deyil. Əgər biz bunu əhalinin sayına bölsək, adambaşına cəmi 5–6 manat düşəcək. Biz adambaşına sığorta yığımını 25 faiz artıra bilərik. Bəzən əhalini qorxudurlar ki, bu sizin üçün çox ağır olacaq. Amma nə qədər təhlükəli hallar – daşqınlar, sürüşmələr, yanğınlar, qəzalar olur. Dünyada bunların hamısının arxasında dövlət dayanmır. Dövlət yalnız bunlara xüsusi nəzarət edir. Mən yenə də deyirəm, burada, təbii ki, sığorta şirkətlərinin məsuliyyəti artır. Biz Maliyyə Nazirliyindən də, maliyyə nəzarəti orqanından da xahiş edirik ki, sığorta şirkətləri üzərində nəzarətin gücləndirilməsi təmin edilsin və şəffaflıq artırılsın. Biz 3 il bundan qabaq sığorta şirkətlərini nizamnamə kapitalının artırılmasından azad etdik. Ancaq biz bunu tətbiq edəcəyiksə, deməli, yeni oyun qaydaları olacaq.
Mən qanun layihəsində ediləcək redaktə xarakterli dəyişikliklər haqqında danışmaq istəmirəm, çünki komitələrin iclasında bu məsələlərin müzakirəsi o qədər prinsipial xarakter aldı ki, redaktə xarakterli işlər ikinci plana keçdi. Amma 25-ə yaxın maddənin adında dəyişikliklər ediləcək, ixtisarlar olacaq və sair.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu qanun qəbul edilərsə, Azərbaycanda güclü bir informasiya sistemi yaradılacaq. Sığorta olunan, sığortaçı, sığorta ödəyicisi – bü-tün bunlar barədə informasiya bazası yaradılacaq. Nəzarət orqanı funksiyasını həm Maliyyə Nazirliyi, həm də müvafiq büro yerinə yetirəcək.
Qiymətləndirmə məsələsi barədə danışmaq istəyirəm. Hörmətli Xanhüseyn müəllim uzun illərdir, bu məsələ ilə məşğul olur. Qiymətləndirmə ilə əlaqədar məsələlərə müstəqil ekspertlər baxmalıdırlar. Bizim kifayət qədər müstəqil ekspertlərimiz yoxdur. Daha doğrusu, ekspertlərimiz var, amma onların sertifikatları yox dərəcəsindədir. Allah qoysa, biz aprel ayında bununla bağlı bir seminar keçirəcəyik. Yəni demək istəyirəm ki, millət vəkillərinin qaldırdıqları hər bir məsələ bizim diqqət mərkəzimizdədir. Təklif olundu ki, xüsusi işçi qrupu yaradılsın. Tələsmirik. Millət vəkillərinin hamısından xahiş edirik ki, təkliflərini versinlər, qeydlərini desinlər və biz bu məsələləri maddə-maddə həll edəcəyik.
Bu gün nə üçün bizim sığorta bazarımız kifayət qədər inkişaf etməyib? Bizdə sığorta mədəniyyəti çox aşağıdır. İn-sanların sığorta haqqında aydın təsəvvürləri yoxdur. Sovet vaxtında könüllü, icbari sığorta olub. Onlar dövlət büdcəsindən maliyyələşib. Mənim yadıma gəlir, Allah Əliş Lənbəranskiyə rəhmət etsin, o, komitənin sədri idi, mən də Mərkəzi Komitədə şöbə müdiri idim. 1 dənə sığorta hadisəsini ödəmək üçün aylarla yığımlar gedirdi, vəsaitlər axtarılırdı. Bu gün Allaha şükür ki, sığorta bazarında artıq 150 milyon manat var. 150 milyon manatın artıq 53 milyon manatı insanlara sığorta hadisələri ilə əlaqədar ödənilib. Ancaq xa-hişimiz bundan ibarətdir ki, sığorta nəzarəti orqanı sığorta şirkətlərinə müraciət edənlərlə əlaqədar daha diqqətli olsun. Xeyli şikayət var. Bir avtomobil qəzası baş verəndə, bir yanğın hadisəsi olanda vəsaiti almaq istəyənlər üçün bürok-ratik əngəllər həddindən artıq çoxluq təşkil edir. Bu da, həqiqətən, bizim inkişafımıza mane olur.
Biz artıq Maliyyə Nazirliyindən xahiş etmişik ki, bu qanunun maliyyə tutumu haqqında hesablamalar aparsın. Əgər bu qanun qəbul edilərsə və onun icra mexanizmi millət vəkillərinin arzu etdiyi tərzdə həyata keçərsə, biz dedik, təqribi hesablamalara görə, icbari sığorta üzrə daxilolmalar 0,2 faiz təşkil edəcək. Bu, qanunda öz əksini tapmalıdır ki, icra orqanı və yaxud da Nazirlər Kabineti bunu müəyyən etməsin. Qanunla 25 min manat, 20 min manat və 15 min manat müəyyən edildi. 0,2 faiz də sığorta haqqı müəyyənləşdirilir. Amma kim evini sığortalamaq istəyirsə, çox yaxşı. Bunun üçün də mərhələ lazımdır.
Bütövlükdə icbari sığorta haqqında qanunun qəbul edilməsi günün vacib tələblərindən biridir. Adam hərdən demirəm, xəcalət çəkir, amma bir ixtisasçı kimi müqayisə edəndə fikirləşir. Bizdə həyat sığortası inkişaf etməyib, tibbi sığorta yoxdur. Sığorta olunan növlər cəmi 10-dan artıq deyil. Amma baxırsan, dünyanın bır çox ölkələrində yüzlərcə sığorta növü var. Nə üçün? Ona görə ki, sığorta mədəniyyəti yüksəkdir. Bizim hörmətli professorumuz, Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Mahmudov dedi, nə üçün bizim telekanallarımızda, mətbuatda mütəmadi bu məsələlər olmasın, sosial reklam inkişaf etməsin? Mən millət vəkillərinə razılıq hissi ilə məlumat vermək istəyirəm ki, hökumət, Maliyyə Nazirliyi millət vəkillərinin bütün fikirlərini qeyd etməyə hazırdır və biz işçi qrupu yaradırıq. İşçi qrupuna Çingiz Əsədullayev rəhbərlik edəcək. Musa Quliyev, Vahid Əhmədov, Xanhüseyn Kazımlı və digər komitələrin üzvləri, çalışaq, müasir standartlara cavab verən bir qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxaraq. Millət vəkillərindən də xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Mən vaxtınızı almaq, maddələrin bir-bir adını çəkmək istəmirəm. 27-dən artıq maddəyə redaktə xarakterli dəyişikliklər olub. Qanunun dili çox çətindir, başa düşülən dildə yazılmalıdır. Bu istiqamətdə də biz mütəxəssisləri cəlb etmək fikrindəyik. Ona görə millət vəkillərindən prinsipial məsələlərə bir daha münasibət bildirməklə qanun layihəsinə ikinci oxunuşda səs vermələrini xahiş edirəm. Eyni zamanda, təkliflərinizi də verin, biz baxaq.
Cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin möhkəmlənməsinə, sosial ədalətin qorunmasına, dövlət-özəl münasibətlərinin daha da təkmilləşməsinə imkan verir və eyni zamanda, beynəlxalq standartlara uyğundur. Bu gün deyə bilərlər ki, Rusiyada bu yoxdur. Rusiyada yoxdur, amma orada adambaşına düşən sığorta haqqı Azərbaycandan 4 dəfə çoxdur. Niyə? Çünki onlar bunu edirlər. Qazaxıstan kimi bir ölkənin dinamikasına baxın. Azərbaycanda ümimi daxili məhsulda cəmi 0,5 faizdən yuxarı deyil. Hara gedirik? Ona görə gəlin, bunları müzakirə edək, bütün qeydləri nəzərə alaq və təkmil bir qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə verək. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hadi müəllim, qanun layihəsinə Sizin komitədə də baxılıb, sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qısa şəkildə, xahiş edirəm.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Bahar xanım. Hörmətli akademik layihə haqqında məlumat verdi. Komitələrin birgə müzakirəsində çox ciddi debatlar oldu. Son nəticədə qərar belə oldu ki, bu, Azərbaycan cəmiyyəti, Azərbaycan reallığı üçün vacib, çox əhəmiyyətli qanunlardan biridir, amma onun üzərində işləmək lazımdır.
Mən qanun layihəsinin müsbət arqumentlərini, vacibliyini əsaslandıran bir neçə fikri səsləndirmək istəyirəm. İlk növbədə onu demək istəyirəm ki, bu gün dünyada sosial müdafiənin Avropa modeli özünə daha geniş yer tapmışdır və dünya daha çox bu modeldən istifadə edir. Bu model 5 mərhələli sistemdir. Bunun vacib mərhələlərindən biri insanların sığorta edilməsidir. Yəni həmrəylik prinsipi ilə minlərcə adamın sığorta fonduna verdiyi vəsait sonradan onlarca adama kömək şəklində qaytarılır. Yəni bu baxımdan bizdə sığorta sisteminin inkişafı, ümumiyyətlə, sığorta mədəniyyətinin artması müstəqil, dünyaya inteqrasiya edən Azərbaycan üçün çox vacib şərtlərdən biridir. Məhz buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu sənədi parlamentə göndərib.
Bütövlükdə biz bir neçə məsələyə diqqət yetirməliyik. Hörmətli Ziyad müəllim dedi, əgər icbari sığortalardan söhbət gedirsə, iki ən vacib sığorta növü burada əksini tapmayıb. Bunlar tibbi sığorta və bədbəxt hadisələrdən sığortadır. Bu, Azərbaycanın sığorta sistemində ən önəmli sənədlərdən biridir. Əgər biz diqqət yetirsək, axırıncı iclaslarımızda sığorta ilə bağlı bir sıra layihələr müzakirə olunubdur. Parlamentarilərə minnətdarıq ki, onlar bu sənədlərə səs veriblər.
Birinci, başlıqla bağlı dediyimiz fikir mütləq qüvvədə qalmalıdır. İkinci, bizi və adamları narahat edən məsələ nədir? Məsələ əmlakın sığortalanmasında məcburiliyin olmasından ibarətdir. Hörmətli Ziyad müəllim burada dedi, dün-yada belə təcrübə mövcuddur. Biz Kür çayının daşması ilə bağlı ölkədə gedən işlərə diqqət yetirək. Dünyanın heç bir ölkəsində sığorta olunmayan evi yenidən bərpa eləmirlər. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyüklüyü, Azərbaycan xalqına olan məhəbbəti nəticəsində bütün evlər bərpa olundu. Amma dünyada belə praktika yoxdur. Bu bir daha onu göstərdi ki, Azərbaycanda sığorta sistemindən geniş istifadə olunmalıdır.
İkinci narahatçılıq əmlakların sığortasının həddin yüksək olması ilə bağlıdır. Məsələn, deyirik ki, işləməyən adam məcburi sığortadan necə faydalanacaq və o hansı vəsaitdən pul ödəyəcək? İkinci, pensiyası, sosial imkanları məhdud olan adamlar bu məcburi sığortadan necə faydalanacaqlar və bura vəsaiti haradan köçürəcəklər? Ziyad müəllim də bunu qeyd elədi, biz yeni düzəlişdə həmin müddəaları, rəqəmləri qanuna salmaq istədik. Əvvəlki variant belə idi ki, o rəqəmləri müəyyənləşdirmək müvafiq icra hakimiyyətinə tapşırılırdı. Təsəvvür edin, o rəqəmlər böyük olarsa, biz bu layihəni elə işləməyən bir mexanizm kimi ortaya qoyarıq. Ona görə bunlar çox yığcam və adamları qorxutmayan rəqəmlər olmalıdır.
Sonra, burada düzgün olaraq səsləndi ki, sığortaya inam qismən azalıbdır. Həqiqətən, bu gün Azərbaycanda sığorta sisteminə olan inam bizim istədiyimiz kimi deyil. Cəmiyyətin böyük əksəriyyəti sığortanın nə olduğunu bilmir. Ona görə təbliğat məsələlərinə diqqət verilməlidir. Bu gün Azərbaycanda elə sığorta şirkətləri var ki, artıq özlərini sübut ediblər və inam da qazanıblar. Məsələn, “Atəşgah” Sığorta Agentliyi, “Paşasığorta” artıq özlərinə inam yaradıblar və adamlar orada böyük məmnuniyyətlə sı-ğorta olunurlar. Orada bürokratik əngəllər azdır. Əvvəllər dövlət strukturlarında və digər sığorta orqanlarında çoxlu sayda bürokratik əngəllər olub və adamlar oradan vəsait ala bilməyiblər. Bu baxımdan, düşünürük ki, o rəqəmlərin qismən kiçik olması sığorta sisteminin işləməsinə kömək edər. Bütövlükdə, Bahar xanım, bizim komitə bu layihənin lehinə səs verib və biz bu qanun layihəsinin vacibliyini qeyd edirik. Amma onun üzərində çox möhkəm iş getməli, dediyimiz məqamlar öz əksini layihədə tapmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Hər şeydən əvvəl, bu qanun layihəsini əsas kimi səsə qoymalıyıq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 14.19 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir  96
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. Layihə “Ümumi hissə”dən və “Xüsusi hissə”dən ibarətdir. Xüsusi hissə 4 fəsildir. Mənə elə gəlir ki, çıxış edənlər ayrı-ayrı fəsillər üzrə yox, bütövlükdə qanun layihəsi ilə bağlı fikirlərini bildirsələr, daha yaxşı olar. Sonda biz onları ayrı-ayrı səsə qoyarıq.
Bir məsələni də razılaşdırmaq istəyirəm. Çıxış üçün 15 nəfər yazılıb. Biz saat 3-ə kimi işləməliyik. Nə təklifiniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edirik. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Bahar xanım. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sığorta bazarının inkişaf etdirilməsi çox aktual bir məsələdir. Mən son illər bu sahədə görülən işləri müsbət qiymətləndirirəm. Eyni zamanda, he-sab edirəm ki, “Sığorta fəaliyyəti haqqında” Qanun kifayət qədər standartlara uyğun hazırlanıb.
Bir haşiyə çıxmaq istəyirəm. Bundan sonra “Sığorta fəaliyyəti haqqında” Qanunun məntiqinə uyğun qanunlar qəbul eləmək lazımdır. Biz “Tibbi sığorta haqqında” Qanun qəbul eləmişik, amma yaxşı işləmir. Çalışmaq lazımdır ki, işləsin. Bizə gələn məktubların mahiyyətindən çıxış edərək demək istərdim ki, Azərbaycanda mütləq aqrar sığorta, yəni kənd təsərrüfatı bitkilərinin, heyvanların sığortalanması ilə bağlı bir sənəd də olmalıdır. Kənd təsərrüfatının inkişafı üçün bu çox vacibdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, belə bir sənədi də ortaya çıxarmaq lazımdır.
Bu gün təqdim olunan sənədə sığorta prosesində iştirak edənlərin maraqlarının balanslaşdırılması kontekstindən yanaşılarsa, bu, könüllü sığortaya böyük bir təkan verər və sığorta bazarının inkişafına müsbət təsir göstərər. Əgər balanslar pozulursa, onda bu, mənfi təsir göstərir və eyni zamanda, inamın da azalmasına gətirib çıxarır. Bu qanuna məhz müasir dövrün tələblərinə cavab verən sığorta qanununun, bir də “Normativ hüquqi aktlar haqqında” Qanunun kontekstindən baxanda bir sıra boşluqlar özünü göstərir və onların aradan qaldırılmasını vacib hesab edirəm.
İlk növbədə onu qeyd eləmək istəyirəm ki, Azərbaycanda sığorta bazarının zəif inkişaf eləməsi icbari sığortanı zəruri edir. Yəni əgər dünyada orta göstərici 600 dollardan yuxarıdırsa, Azərbaycanda 20 dollardır. Deməli, sığorta məbləği dünyanın orta göstəricisindən 30 dəfə aşağıdır. Azərbaycanda bu göstərici MDB ölkələrinin bəziləri ilə müqayisədə də aşağıdır. Ona görə də icbari sığorta zəruridir. Amma icbari sığorta elə olmalıdır ki, o, vətəndaşların hüquq və mənafelərinə xidmət eləmiş olsun.
Bu nöqteyi-nəzərdən mən layihədəki bir sıra məsələlərə konkret surətdə münasibət bildirmək istərdim. Birinci, qanunun adı “İcbari sığortalar haqqında”dır. Amma bu, bütövlükdə icbari sığortaların hamısını əhatə eləmir. Ona görə də ziddiyyət yaranır. İcbari sığortanın hamısını əhatə eləmirsə, niyə qanunun adı “İcbari sığortalar haqqında” ol-malıdır? Əgər bu dəyişiləcəksə, optimal variantın tapılma-sını təklif edirəm. Yox, əgər dəyişməyəcəksə, onda hesab edirəm ki, qanunun preambula hissəsində belə bir cümlə yazılsın: Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın istismarında mülki məsuliyyətin, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, sərnişinlərin icbari fərdi qəza sığortasının əsas prinsip və qaydalarını, eləcə də hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Əgər preambulada belə yazılsa, hesab edirəm ki, həmin ziddiyyət aradan qalxar. Əks halda qanunun adı dəyişilməlidir.
İkinci, hesab edirəm ki, qanunun konsepsiyası dəqiqləşdirilməlidir. Birinci oxunuşdan sonra qanunda edilən dəyişiklikləri müsbət qiymətləndirməklə yanaşı, qeyd etmək istəyirəm ki, bəzi dəyişikliklər konsepsiyada qeyri-müəyyənliklər yaradıb. Bu da əlavə ziddiyyətlərin ortaya çıxmasına gətirib çıxarır. Burada göstərilib ki, bu qanunun məqsədi bilavasitə kiminsə əmlakına ziyan dəyən zaman onun ödənilməsidir. Amma digər tərəfdən 25 min manat məsələsi ortaya qoyulanda artıq həmin ziyanın ödənilməsinin məqsəd kimi qoyulmasında ziddiyyət əmələ gəlir. Ona görə ki, 25 min manat olsa-olsa, dəyən ziyanın üçdə birini təşkil edir. Bu nöqteyi-nəzərdən bu, bütövlükdə qanun layihəsində qoyu-lub, amma rəqəmlər tamamilə başqadır. Konseptual nöqteyi-nəzərdən məsələyə yanaşanda, sığorta hadisəsi üzrə məruz qalınan ziyanın ödənilməsi hüququnun müdafiəsinə yönəldilmiş bir məqsədin formalaşdırılmasını vacib hesab edirəm.
Başqa qanunlarımızda əsas anlayışlar verilib, amma bu qanunda o öz əksini tapmayıb. Ola bilər ki, başqa qanunlarda bunların bir hissəsi əksini tapıb, amma bəzi məsələlər burada açıq qalıb. Ona görə də bu qanunda ən azı başqa qanunlarda olmayan əsas anlayışların verilməsini vacib hesab edirəm.
Eyni zamanda, layihədə icbari sığortanın məqsəd və prinsipləri verilib. Mən dedim ki, məqsəd qüsurludur. Təklif elədiyim variantda bu məqsədin verilməsini və əsas prinsiplərin də burada sadalanmasını vacib hesab edirəm. Daşınmaz əmlakla bağlı sığorta məbləğləri müvafiq olaraq 25 min, 20 min, 15 min manat göstərilib. Amma sığorta tariflərinin yuxarı həddinin göstərilməsi üçün 31.1-ci maddəyə “sığorta tarifləri 0,2 faizdən artıq olmamaq şərti ilə sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir” kimi bir müddəanın salınmasını vacib hesab edirəm.
7.2-ci maddədə yazılır ki, bu qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanır. Beynəlxalq praktikadan çıxış edərək 1–3 il müddətinin götürülməsini vacib hesab edirəm. 20.1.1-ci maddədə sığorta ödənişindən imtinanın əsaslarında “hadisə” də var. “Hərbi əməliyyatlar, terrorçuluq” və sair başa düşüləndir. Amma “hadisə”nin açıqlanması nə deməkdir? Elə sığortanın özü sığorta hadisəsidir də. Kiminsə evi yanıbsa, ona ziyan dəyibsə, “hadisə” sözünü bəhanə eləməklə həmin insana problem yaratmaq olar.
Sonra, burada icbari sığorta ilə bağlı sığorta məbləğinin 25 min manat müəyyənləşdirilməsi bir sıra maddələri havadan asılı vəziyyətə qoyub. Yəni burada göstərilib ki, mülkün sahibi bilərəkdən daha çox ziyan dəyməsinə imkan veribsə, o vaxt sığortadan imtina eləmək olar. Əgər bunun mülkünün dəyəri 200 min manat, sığorta məbləği cəmi 25 min manatdırsa, necə ola bilər ki, o, 25 min manat sığorta almağın naminə bilərəkdən 200 min manatlıq əmlakını məhv etsin? Hesab edirəm ki, burada kifayət qədər havadan asılı vəziyyətdə olan məsələlər var və onlar aradan qaldırıl-malıdır.
Ən mühüm məsələ ondan ibarətdir ki, qanun layihəsinin birinci oxunuşu ilə müqayisədə ikinci oxunuşda müəyyən təkmilləşdirmələr edilsə də, hələlik onun konsepsiyası qüsurludur. Qanunun məqsədi ilə verilən rəqəmlər nöqteyi-nəzərindən məsələyə yanaşanda xeyli dərəcədə ziddiyyətli məqamlar var. Olsa-olsa, sığorta olunan məbləğ həmin əmlakın üçdə birini təşkil edəcək. Bu zaman bir sıra problemlər yaranacaq. Onları aradan qaldırmaq üçün neyləməliyik? 650 min ünvanlı sosial yardım alanlar var ki, onlar ayda 25 manat alırlar. 260 min işsiz var. “Bu adamlar sığorta haqqını necə ödəyəcəklər” sualı mexanizmdə öz əksini tapmalıdır.
Qanun layihəsində bu cür məsələlər çoxdur. Qanun da, onun mexanizmi də təkmilləşdirilməlidir. Ona görə hesab edirəm ki, bir komissiya yaradılmalıdır. Həmin komissiyada sığorta şirkətlərinin nümayəndələri, beynəlxalq təcrübəni bilən insanlar təmsil olunmalı, deputatların iştirakı ilə bir neçə ay ərzində bu qanun layihəsinin üzərində əsaslı şəkildə işləməlidirlər. Ondan sonra üçüncü oxunuşda bunu məqbul hesab eləmək olar. Qanunun bu formada qəbul edilməsi qeyri-məqbuldur. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli sədarət. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşu zamanı öz müsbət fikirlərimi, bəzi irad və təkliflərimi diqqətinizə çatdırmışdım. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, o vaxt qaldırdığım bəzi məsələlər yenə layihədə öz əksini tapmayıb. Belə ki, birinci oxunuş zamanı qeyd etdiyim ilk məsələ ondan ibarət idi ki, qanun layihəsinin Xüsusi hissəsində icbari sığortanın növlərinə ayrı-ayrı maddələrdə aydınlıq gətirilir. Mən isə təklif etmişdim ki, əksər qanunvericilik aktlarımızda olduğu kimi, Ümumi hissəyə icbari sığortanın növləri adlı maddə əlavə edilməklə, daşınmaz əmlakın icbari sığortası, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və nəhayət, sərnişinlərin icbari fərdi qəza sığortasının növləri icbari sığortanın növləri kimi ümumi şəkildə də öz əksini tapsın. Lakin bu nəyə görəsə qəbul edilməmişdir.
İkinci məsələ qanun layihəsinin 4-cü maddəsi ilə bağlı idi. Məncə, bu çox ciddi məsələdir. Burada qeyd olunur ki, bu qanunun Xüsusi hissəsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikası ərazisində qüvvədədir. Belə olan halda mülki məsuliyyətini sığorta etdirən nəqliyyat vasitəsi sahibləri ölkə xaricində sığorta hadisəsi törətdikdə və ya icbari fərdi qəza sığortası etdirmiş sərnişinlərə qarşı sığorta hadisəsi Azərbaycan Respublikasının ərazilərindən kənarda baş verdikdə ortaya çıxan münasibətlər necə tənzimlənəcək? Mənim bu sualıma nəinki aydınlıq gətirildi, hətta 4-cü maddə silindi və həmin müddəa 6-cı bənd kimi 3-cü maddənin tərkibinə daxil edildi.
Bir neçə başqa iradlarım da burada əks olunmadı. Ümumiyyətlə, mən başa düşmürəm, İcbari sığortalar haqqında qanuna bu qədər iradların olması müqabilində onun ikinci oxunuşa belə təcili təqdim edilməsinə nə ehtiyac var idi? Ziyad Səmədzadənin özü, Hadi Rəcəbli, Əli Məsimli və başqa deputatlar iddia edirlər ki, bu qanunda ciddi boşluqlar var və onlar mütləq düzəldilməlidir. Ziyad müəllim də işçi qru-punun yaradılmasını təklif edir. Deməli, bu qanunda nə isə böyük problemlər var. Belə olan halda bu çiy qanunu niyə ikinci oxunuşa təqdim ediblər? Olmazdımı, əvvəl həmin boşluqları aradan qaldırsınlar, sonra biz onu ikinci oxunuşda qəbul edək? Bilirsiniz, bizdə xoşagəlməz ənənə yaranıb. Çiy, mükəmməl işlənməmiş qanunları qəbul edirik, sonra isə tez bir zamanda özümüz onlara külli miqdarda dəyişikliklər edirik. Bununla həm vətəndaşlarda çaşqınlıq yaradır, həm də qəbul edilən qanuna hörmətsizlik etmiş oluruq. Ona görə təklif edirəm, bu qanunun ikinci oxunuşda qəbulunu təxirə salaq, yaradılacaq işçi qrupu bir də onun üzərində işləsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bayaq elan elədik ki, fasiləsiz 1 saat işləyək. Əgər indi 10 dəqiqə prin-sipi ilə getsək, çox yubanacağıq və mən sizin istirahət hüqu-qunuzu əlinizdən almış olacağam. Bu günahı mənim üzərimdən götürmək üçün xahiş edirəm, 5 dəqiqəyə razı-laşın. Konkret qərara gələk.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun, Vahid Əhmədov.
V.Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əvvəla, mən millət vəkillərindən və mətbuatdan xahiş edərdim ki, bu qanun layihəsinə çox diqqətlə yanaşsınlar. Bu, adi bir qanun deyil. Bu, Azərbaycanın hər bir vətəndaşına sirayət eləyən bir qanun olacaq. Biz bu qanunun qəbulu ilə əlaqədar ciddi problemlərlə üzləşə bilərik. Birinci oxunuşda qanunun konsepsiyasından söhbət gedəndə müəyyən iradlar bildirdik. Dedik ki, bu qanun ikinci oxunuşa çıxarılanda üzərində işlənilsin və müəyyən məqamlar aradan qaldırılsın.
Biz komitənin iclasında da çox ciddi müzakirələr apardıq. Mən şəxsən komitənin iclasında bu qanun layihəsinin ikinci oxunuşa çıxarılmasına səs verməmişəm. Bu gün də o fikrimdə qalıram. Məqsəd o deyil ki, biz qanunun qəbul edilməsini istəmirik, əksinə, onun qəbul edilməsinin tərəfdarıyıq və mən bu başdan bunu deyirəm. Amma qanun həddən artıq çiydir. Qanunda elə ciddi məsələlər var ki, biz onun üzərində işləməliyik.
Əvvəla, icbari, məcburi sığortadan söhbət gedir. Burada misallar gətirirlər ki, Amerikada icbari sığorta 90 faizdir, nə bilim, Avropada belədir, Rusiyada elədir. Bu rəqəmləri haradan götürüblər, deyə bilmərəm, amma biz də dünya iqtisadiyyatı ilə məşğul olan insanlarıq, bilirik ki, Amerikada 90 faiz məcburi yox, könüllü, azad sığorta formasıdır. Bunu aydınlaşdırmaq lazımdır. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyev 15 gün bundan qabaq göstəriş verdi ki, mənzillərin icbari sığortası ilə əlaqədar qanun layihəsi ilin axırına qədər hazırlansın və Dövlət Dumasına verilsin. Digər Avropa dövlətlərində sığorta könüllüdür. Bütün dünyada həmişə bu işə dövlət tərəfindən müəyyən yardımlar edilir. Bunu biz də bilirik və yəqin ki, burada çıxış edən yoldaşlar da bilirlər.
Bizdə bu günə qədər icbari sığorta ilə əlaqədar, Ziyafət müəllim, 10-a yaxın qanun qəbul olunub. Bu qanunlar hansılardır? “İcbari ekoloji sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Yanğından icbari sığorta haqqında”, “Sərnişinlərin icbari sığortası haqqında” və digər qanunlar qəbul olunub. Niyə biz sığorta haqqını 15–16 manatdan yuxarı qaldıra bilmirik? Niyə biz ümumi daxili məhsulda sığortanın miqdarını 0,4 faizdən yuxarı qaldıra bilmirik? Deməli, bu qanunlar işləmir. Bu qanunu da elə qəbul edəcəyiksə, o da həmin qanunların cərgəsinə daxil olacaq.
Konkret bu qanunla əlaqədar fikrimi söyləyim. Burada bir neçə ciddi məsələ var, istərdim ki, onlara diqqət yetirək. Bir-incisi, daşınmaz əmlakdan söhbət gedir. “Daşınmaz əmlak” böyük məfhumdur. Bu yalnız mənzillə qurtarmır ki. Daşınmaz əmlak ev də, başqa vasitələr də ola bilər və sair. Bunu konkretləşdirmək və siyahısını müəyyən eləmək lazımdır ki, hansı daşınmaz əmlakdan söhbət gedir. İndi burada dəyişiklik elədilər. Bunu mən iclasdan gedəndən sonra eləyiblər. Deməli, 25 min manata qədər dəyəri olan mənzillər sığorta olunur. 25 min manata nə daxildir? Bakıda hansı evin qiyməti 25 min manatdır? Elə bir ev yoxdur. Bu yalnız kənd rayonlarına, kəndlərə aiddir. Hamınıza da məlumdur ki, o in-sanlar sığorta haqqını ödəmək iqtidarına malikdirlər, ya malik deyillər.
İkincisi, daşınmaz əmlakla bağlı yazırsınız ki, binalardan, mənzillərdən başqa, qurğu, avadanlıq, cihaz və sair. Bu qurğu, avadanlıq, cihaz nədir? Bunların siyahısı, nomenklaturası nədən ibarətdir? Bu siyahıya nə daxildir? Biz bu qanunu qəbul eləyəndən sonra məcburi gəlib deyəcəklər ki, sənin evində filan daşınmaz əmlak var, sən bunu mütləq sı-ğorta eləməlisən, çünki qanun qəbul olunub. Məcburi sığorta elətdirəcəklər. Burada ciddi məsələlər çoxdur.
Sonra, sığorta haqqı, ödəmənin miqdarı ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Burada miqdar göstərilmir, şifahi şəkildə deyilir ki, 0,2 faiz. Niyə 0,2 faiz? Bu rəqəm ha-radan götürülüb? Niyə 0,1 faiz olmur? Ümumiyyətlə, burada belə məsələlər həddindən artıq çoxdur və daşınmaz əmlakın siyahısının müəyyən edilməsi bu qanun üçün çox vacibdir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, indiki şəraitdə bu qanunun qəbul edilməsi qeyri-mümkündür. Özümüz özümüzü aldatmamalıyıq. Yenidən insanların üzərinə belə bir yük qoymaq və məcburi şəkildə demək ki, bunu mütləq sığorta eləməlisən, mən bununla razılaşa bilmərəm.
Bilirsiniz, komitədə də müzakirə olunanda bəzi məsələlərə toxunduq. Misal üçün, 3.3-cü maddədə yazırıq ki, qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan əmlak sığorta oluna bilməz. Azərbaycanda qəza vəziyyətində olan binalar, yaşayış evləri həddən artıq çoxdur. Nəhayət, o evlər sığorta olunmalıdır ki, sabah uça bilər, insanlara zərər dəyə bilər. Biz bunları kənara qoyuruq və deyirik ki, yalnız təzə tikilən evlər, heç bir sığortaya ehtiyacı olmayan yeni binalar sığorta olunsun. Bu da ciddi məsələdir.
Ən ciddi məsələlərdən biri qiymətləndirmə ilə bağlıdır. Biz burada göstəririk ki, qiymətləndirmə prosesini sığorta edən təşkilat aparır, sığortaçı razı olmasa, müstəqil ekspert gətirir. Azərbaycanda indi nə qədər istəsən müstəqil ekspert var. Müstəqil ekspert qiymətləndirmə prosesindən başı çıxan insan olmalıdır. Yalnız müəyyən qiymətləndiricilər ekspert şəklində bura dəvət oluna və qiymət qoya bilərlər. Nəhayət, ən axırda bunu sığorta edən təşkilatın yox, sığorta olunan insanın üzərinə qoymalıyıq ki, son rəyi o versin. Onun razılığı olmadan qiymətləndirmə prosesinə getmək olmaz. Burada qeyd olundu, tərəflərin razılığı olmadan heç bir sığorta əməliyyatından söhbət gedə bilməz. Bunu mütləq eləmək lazımdır.
Sonra, komitədə təklif olundu və mən də təklif edirəm ki, ümumiyyətlə, bu qanunun qəbul edilməsində tələsmək lazım deyil. Ziyafət müəllim, bunun üzərində işləmək lazımdır. İşçi qrup yaradılsın, onun üzərində işləsinlər. Bu qanunla əlaqədar televiziya kanallarında, kütləvi informasiya vasitələrində əhaliyə məlumatlar verilsin ki, görək onlar bunu necə qarşılayırlar.
Bayaq Ziyad müəllim dedi, ümumiyyətlə, maliyyə tutumu nə qədərdir və maliyyə nə verəcək? Mən açıq şəkildə demək istəyirəm ki, bu qanunun qəbul edilməsi Azərbaycanın dövlət büdcəsinə və Azərbaycan ictimaiyyətinə heç nə verməyəcək. Burada deyirlər ki, Kür, Araz çaylarının daşması ilə əlaqədar hadisələr baş verdi. Sabah başqa hadisələr baş verər. Bilirsiniz, bunların hamısı ondan irəli gəlir ki, biz 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında” Qanunu, ondan qabaq da digər qanunları qəbul etmişik, amma onların heç biri işləmir. Biz əhali ilə, kütləvi informasiya vasitələri ilə işləmirik, yəni əhalini maarifləndirmək istəmirik. Biz istəyirik ki, əhalini məcbur edək ki, o öz əmlakını sığorta etdirsin. Ona görə də mən öz fikrimdə qalıram, bu qanunu bu gün ikinci oxunuşda qəbul etmək olmaz. Təklif edirəm ki, işçi qrupu yaradılsın, qanun üzərində iş getsin. Çox sağ olun.
Sədrlik edən. Vahid müəllim, çox sağ olun. Mən, əlbəttə, o fikirlə razıyam ki, biz sığorta maarifçiliyi ilə bağlı işimizi gücləndirməliyik. Bayaq qeyd etdiniz ki, sığorta ilə bağlı 10-a qədər qanun qəbul olunub, amma heç biri işləmir. Niyə? Çünki əhalinin sığorta təsisatına inamı çox azdır. Yəni hər hansı daşınmaz əmlakını sığorta etdirən hər bir Azərbaycan vətəndaşına təminat verilməlidir ki, sabah sığorta hadisəsi baş verəndə onun əvəzini ala biləcək. Ona görə də, sözsüz, bu istiqamətdə çox iş getməlidir.
Bir də, Vahid müəllim qeyd elədi ki, bu qanun çox çiydir. Vahid müəllim, biz elə ona görə yığışmışıq ki, bu qanunu burada bişirək. Milli Məclis onun üçündür də. Bəs biz bura nə üçün yığışmışıq? Əgər çiy təkliflər, çiy müddəalar varsa, gəlin, ikinci oxunuşdur, bunu bişirək. Hələ bundan sonra üçüncü oxunuş da var.
İndi Ziyad müəllim qeyd elədi ki, ikinci oxunuşdan sonra Sizin də iştirakınızla, Vahid müəllim, ayrıca bir komissiya yaranacaq. Çingiz müəllim onun sədri olacaq. Eyni zamanda, Maliyyə Nazirliyindən də ekspertlər cəlb edəcəklər. Böyük bir komissiya, işçi qrupu otursun, ikinci oxunuşda deyilən iradları, təklifləri yekunlaşdırsın və biz bu qanunu qəbul edək. Hər bir halda buna imkanımız var. Amma bu gün imkanımız varsa, gəlin, bunu nə qədər bişirə bilərik, bişirək. Qalan məsələni işçi qrupu öz üzərinə götürəcək. Üçüncü oxunuşda, sözsüz ki, Ziyad müəllim məlumat verəcək və biz biləcəyik ki, hansı müddəalar dəyişilib, hansılar yenilənibdir və ilaxir və sair. Ona görə də xahiş edirəm, bu işdə fəal iştirak edək. Musa Quliyev buyur-sun.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Çox yaxşı dediniz ki, bu qanunu elə burada bişirmək lazımdır və ona görə də bu...
Sədrlik edən. Qanun Milli Məclisdə bişməlidir də. El dilində desək, bura qanunun mətbəxidir də. Qanunlar burada bişmişdir. Buyurun.
M.Quliyev. Amma məsələ bundadır, bu qanunun materialı elə bərkdir ki, bunu nəinki 5–10 dəqiqə, heç saatlarla danışmaqla bişirmək olmayacaq. Siz də deyirsiniz ki, bir saat işləyək və hamı 5 dəqiqə danışsın. Biz öz xoşumuzdan demirik.
Sədrlik edən. Lazımdırsa, iki saat işləyərik. Davam edin, 10 dəqiqə danışın. Bir nəticəyə gəlməyincə dağılışmayacağıq. Buyurun.
M.Quliyev. Hörmətli Ziyad müəllim qanunu təqdim edəndə çox yaxşı bir fikir söylədi ki, ümumiyyətlə, bütün proseslər, bütün qanunlar, həyat maraqların üzərində quru-lubdur. O zaman inkişaf, sabitlik olur ki, dövlətin, vətəndaşın və ayrı-ayrı sahələrin maraqları bir-birinə toqquşmasın, bir-birini tənzimləsin. Təəssüf olsun ki, bu qanun layihəsində xüsusi bir sahənin marağı üstün tutularaq dövlətin və vətəndaşın maraqları o qədər nəzərə alınmayıb. Bizim istədiyimiz, çalışdığımız odur ki, burada həm dövlətin, həm də vətəndaşın marağı nəzərə alınsın. Yəni vətəndaş dövlətindən, Prezidentindən, rəhbərindən, seçdiyi millət vəkilindən, hökumətindən narazı qalmasın. Həm də, təbii ki, sığorta şirkətləri, sığorta sistemi inkişaf eləsin.
Bəli, bu qanunun qəbul olunması ölkədə sığorta sis-teminin inkişafına həm hüquqi, həm də iqtisadi baxımdan təkan verəcəkdir. Bu qanunun inkişafı, ola bilsin, sığorta hadisələri yaranan zaman dövlətin müəyyən sığorta yükünün sığorta şirkətlərinin üzərində paylanmasına xidmət edəcəkdir. Ola bilsin ki, əhalinin sığorta hadisəsinə cəlb ol-unması nəticəsində az da olsa, itirdiklərinin kompensasi-yasını təmin edəcəkdir. Amma bu qanunun işləməsində və aztəminatlı insanlara tətbiq olunmasında çox ciddi problemlər vardır. Ona görə mən birbaşa təkliflərimi söyləmək istəyirəm. Xahiş edəcəyəm ki, yaradılacaq komis-siya işlədiyi zaman bu təklifləri saf-çürük eləsin.
Birinci növbədə, təbii ki, qanunun adı dəyişilməlidir. Qanunun adı onun mahiyyətinə uyğun olmalıdır. Məndən öncəki natiqlər də söylədilər, əgər icbari sığortadan söhbət gedirsə, digər icbari sığorta növləri də ya burada əhatə olunmalıdır, ya da konkret daşınmaz əmlakın və nəqliyyat vasitələrinin icbari sığortasından söhbət getməlidir.
Qanunun dili dəyişilməlidir. Bu qanun bütövlükdə Azərbaycan əhalisinin hamısını əhatə edəcəkdir. Bu qanun o dildə yazılmalıdır ki, hər bir vətəndaş bundan bəhrələnsin, öz hüququnu, vəzifəsini bilsin və qanunun tətbiqi zamanı sığorta şirkətləri vətəndaşı aldatmasınlar. Vətəndaşla bir cür müqavilə bağlayıb, onun şərtlərini başqa cür həyata keçirməsinlər. Bu mənada, bu qanun yalnız professionallar üçün aydındır və hətta ola bilsin ki, bu qanun işləyəndə vətəndaş bir neçə vəkil tutsun ki, burada söhbət nədən gedir. Mütləq qanunun dili dəyişilməlidir və yenidən yazılmalıdır.
Digər bir təklifim ondan ibarətdir ki, biz yoxsulluq həddində olan insanların sosial müdafiəsi haqqında düşünməliyik. Bəli, son illərdə cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda yoxsulluq 50 faizdən 9,1 faizə düşüb. Bu təxminən 800 min nəfər, yaxud 150 min ailə deməkdir. Mən təklif edirəm ki, 150 min ailənin evinin sı-ğortalanması ya dövlətin vəsaiti hesabına həyata keçirilsin, ya da bunlar icbari sığortadan azad olunsunlar. Mütləq qanunda göstərilsin ki, yoxsulluq həddində olan ailələrin daşınmaz əmlakı ilə bağlı sığorta hadisəsi baş verdikdə o məbləğ tam şəkildə dövlət tərəfindən ödəniləcəkdir. Bu in-sanlar, doğrudan da, dövlətdən aldıqları ünvanlı sosial yar-dımın bir hissəsini icbari sığortaya yönəldərlərsə, əlbəttə, dövlətdən narazı qalacaqlar.
Digər bir təklifim yoxsulluq həddində olmayan, lakin orta aylıq əmək haqqı respublika üzrə orta aylıq əmək haqqından aşağı olan, dövlət büdcəsindən maliyyələşən təşkilatda çalışan insanlarla bağlıdır. Daha doğrusu, müəllimlər və həkimlərlə bağlıdır. Mən razıyam, bunlar həm nəqliyyat vasitələrini, həm də digər daşınmaz əmlakı icbari sığorta etdirsinlər, amma bunlara da müəyyən bir güzəşt yeri qoyulsun. Onların əmək haqlarının vergi tutulmayan hissəsi sığorta məbləğinin aylıq məbləği qədər artırıla bilər və bu insanların da sosial müdafiəsi müəyyən qədər tənzimlənər.
Digər bir təklifim sığorta şirkətləri ilə bağlıdır. Dünya praktikasında belədir ki, icbari sığorta yalnız həmin sığortanın könüllü növü üzrə 10 ilə qədər staji olan şirkətlərə verilir. Mən təklif edirəm ki, Azərbaycanda daşınmaz əmlakın və nəqliyyatın icbari sığortası üçün lisenziya yalnız belə şirkətlərə verilsin. Digər tərəfdən, bu şirkətlərin müəyyən maddi-texniki bazası, maliyyə resursları, respublika ərazisində şəbəkələri olmalıdır ki, bütövlükdə bu işi həyata keçirə bilsinlər. Təklif edirəm ki, daşınmaz əmlakın və nəqliyyatın icbari sığortasını həyata keçirəcək şirkətlər mütləq peşəkar sığorta ittifaqlarında birləşsinlər. Bu həm onların işinin keyfiyyətini yüksəldər, həm də çox iri həcmdə sığorta hadisəsi baş verəndə onlar bir-birinə maliyyə dəstəyi verə bilərlər.
Qanun layihəsində nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı peşəkar ittifaqın, yəni İcbari Sığorta Bürosunun yaradılması ilə bağlı çox gözəl müddəa var və mən bunu dəstəkləyirəm. Eyni zamanda, təklif edirəm ki, daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar da İcbari Sığorta Bürosu yaransın.
Əsas məsələlərdən biri qanunun icra mexanizmi ilə bağlıdır. Burada iki tərəf var. Sığorta şirkəti aktiv fəaliyyət göstərəcək, passiv tərəf isə əhali olacaq. Onda sığorta şirkətləri əhali ilə hansı qaydada ünsiyyəti quracaqlar? Yəni bunun əmlakının harada, nə qədər olmasını necə müəyyənləşdirəcəklər? Bu suallara cavab tapılmalıdır.
İmtina hallarında hansı sanksiyalar vardır? Tutaq ki, sı-ğorta şirkəti hər hansı bir qapını döyüb deyəcək ki, bu qanuna görə sənin daşınmaz əmlakını sığorta etdirməliyəm. O da deyəcək ki, etdirməlisən, get, etdir, amma mən sənə pul da vermirəm, sığorta müqaviləsi də bağlamıram. Belə olan halda biz bütün Azərbaycan əhalisini məhkəməyəmi verəcəyik? Yaxud da hansı sanksiyaları tətbiq edəcəyik ki, bu qanun işləsin? Bəli, İnzibati Xətalar Məcəlləsində belə bir müddəa var ki, əgər fiziki şəxs icbari sığortadan imtina edirsə, 10 manat məbləğində cərimə olunur. Amma 10 manat məbləğində cərimə bu problemi həll edəcəkmi? Etməyəcək. Ona görə bu sualların da cavabı tapılmalıdır.
Daşınmaz əmlakın ünvanı və sayı necə müəyyənləşəcəkdir? Bir ailənin, ola bilər, bir neçə daşınmaz əmlakı olar. Bunların hamısını nəzərdə tutulan 50 manat sığorta məbləği ilə əhatə edəcək, yoxsa hər biri ilə ayrı-ayrı müqavilələr bağlayacaq? Düşünürəm ki, bu suallar öz həllini tapmalıdır.
Komitənin iclasında da məndən öncə çıxış edən deputat həmkarlarım da təklif etdilər ki, geniş tərkibli bir komissiya yaradılmalı və o, qanun layihəsinin müəllifləri ilə bir yerdə işləməlidir. Mən də bu təklifi dəstəkləyirəm. Eyni zamanda, təklif edirəm ki, bu komissiyada mütləq Azərbaycanın sığorta bazarında peşəkarlığı ilə seçilən sığorta şirkətlərinin də ekspertləri iştirak etsinlər, çünki burada 3 tərəfin marağı gözlənilməlidir. Dövlətin marağını Maliyyə Nazirliyi, millətin marağını millət vəkilləri, Milli Məclisin ekspertləri, sahə maraqlarını da həmin ekspertlər həyata keçirsinlər. Ayrı-ayrı müddəalar haqqında danışmayacağam. Ən azı ona görə ki, mən dostum və həmkarım Cavid müəllimə söz vermişdim ki, 9 dəqiqə danışım. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun. Deməli, reqlament yox, dosta verilən söz əsasdır. Leyla Abdullayeva, buyurun.
L.Abdullayeva. Sağ olun, Bahar xanım. İcbari sığortalar haqqında qanun layihəsinin birinci oxunuşu zamanı əsas anlayışlar, müddəalar, konseptual məsələlər nəzərdən keçirilərkən mən öz fikir və təkliflərimi diqqətinizə çatdırmışdım. İndi isə ayrı-ayrı maddələrlə bağlı fikirlərimi söyləmək istərdim.
Qanunun 25-ci maddəsində sığortaçı tərəfindən xüsusi fondun yaradılması müddəası əks olunub ki, bu da “Sığortaçının qarşısıalınma tədbirləri fondu” adlanır. Fikrimcə, bu fond sığorta risklərinin azaldılması fondu kimi də adlandırıla bilər. “Sığorta risklərinin azaldılması fondu” ifadəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Qanunun müddəa və normaları ilə, orada nəzərdə tutulmuş anlayışlarla daha yaxşı uzlaşır.
Qanunun 27.3.4-cü maddəsi “qrunt sularının səviyyəsinin dəyişməsi”nin sığorta hadisələri sırasına daxil edilməməsini nəzərdə tutur. Fikrimcə, bu müddəanın dəqiqləşdirilməsi, bu hadisənin də sığorta hadisələri sırasına aid edilməsi məqsədəuyğun olardı.
Sonda bildirmək istəyirəm ki, gələcəkdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin sığorta müqaviləsini tənzim edən normalarının, sığorta fəaliyyəti ilə bağlı müvafiq qanunların sistemləşdirilməsi və yeni sığorta məcəlləsinin yaradılması variantını da nəzərdən keçirmək olardı. Qeyd etmək istəyirəm ki, bu qanunla bağlı artıq geniş tərkibdə komissiya yaradılıb. Onlar bu qanunun üzərində işləsələr və verilən təklifləri nəzərə alsalar, çox yaxşı olar. Bu gün mənim təklifim budur ki, qanun layihəsi ikinci oxunuşda qəbul edilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, Sizin təklifiniz hazırkı şərait üçün məqsədəuyğun görünür, istənilən halda bu qanun parlamentdə qəbul olunacaq. Biz deyilən təklifləri nəzərə alaraq bütün çatışmazlıqları birgə aradan qaldıra bilərik. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, Bahar xanım. Bu gün müzakirəyə çıxarılan İcbari sığortalar haqqında qanun layihəsinin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında müzakirəsi zamanı bu gün müzakirədə narahatçılıq doğuran məsələlərlə bağlı biz öz fikirlərimizi bildirmişik, təkliflərimizi demişik. Mən bu gün onları bir daha burada sadalamaq istəmirəm. Hesab edirəm ki, bu gün ikinci oxunuşa verilən İcbari sığortalar haqqında qanun layihəsi, nəhayət ki, insanların sığortaya olan inamını bərpa edəcək. Mən ən azından bunu arzu etmək istəyirəm. Arzu edirəm ki, bu özü bir dönüş nöqtəsi olsun. Yəni burada səslənən təkliflər nəzərə alınsın, işçi qrupu bu qanun layihəsi üzərində işləsin və bu sənəd daha mükəmməl olsun.
Doğrudan da, bugünkü təbiət hadisələri, müxtəlif kataklizmlər zəruri edir ki, insan həyatını, əmlakını və digər zəruri olan hər bir şeyi sığorta eləsin. Hətta belə bir deyim də var ki, heç kim heç nədən sığortalanmayıb. İcbari sığortalar haqqında qanun çox əhəmiyyətlidir və mən hesab edirəm ki, bu, qəbul olunmalıdır. Biz bu qanunun qəbul olunmasına səs verəcəyik.
Bizim bəzi təkliflərimiz nəzərə alınıb, ancaq hörmətli Zi-yad müəllim, mən bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, qanunun 27-ci maddəsində qeyd olunub ki, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sı-ğorta hadisəsi hesab olunur. Sonra bunlar sadalanıb. Qanunun 27.3-cü maddəsində isə yazılır ki, əmlakın aşağı-dakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olun-mur. Burada da yenə bir neçə parametr öz əksini tapıb. Məsələn, 27.3.5-ci maddədə verilib ki, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma və digər səbəblərdən axması sığorta hadisəsi hesab olunmur. Eyni zamanda, qrunt sularının qalxması da bu qəbildəndir. Ziyad müəllim, Siz bərpa dəyərinin aradan qaldırılmasını, yəni ümumi dəyərin yox, müəyyən məbləğin olmasını qeyd etdiniz. Əgər 25 min manat dəyərində qiymətləndirilirsə, olmazmı ki, biz 27.3.5-ci maddəni də bu sığorta hadisəsinin içərisində qəbul edək? Mən bu təklifi vermək istəyirəm. Hesab edirəm ki, doğrudan da, bərpa dəyəri ortadan götürülmüşsə, bunu ora qəbul etmək olar.
Qanunla tanış olan zaman gördük ki, bu, əmlak, nəqliyyat, daşınmaz əmlakın istismarı ilə bağlı olan sığorta növlərini, sərnişinlərin sığortasını – 4 əsas icbari sığortanı özündə əks etdirir. Burada da mübahisə doğuran bir neçə məsələ var. Məsələn, xüsusən əmlak məsələsində belə fikirlər səsləndi ki, yaxşı, bəs avadanlıqlar, qurğular nədir? Qanunda da öz əksini tapıb ki, bu, icbari sığorta növlərindən yalnız biri ola bilər. Bəlkə elə adam var ki, doğrudan da, əmlakını deyil, onun üçün qiymətli olan bir qurğunu, sexi, yaxud da tövləsini sığortalamaq istəyir. Olmazmı ki, elə əmlakın içində əmlakın icbari sığortası ilə yanaşı, “digər avadanlıq və qurğuların da icbari sığortası” terminini bura əlavə edək?
Müzakirə zamanı maliyyə nazirinin müavini hörmətli Azər müəllimin izahatları, arqumentləri bir daha göstərdi ki, doğrudan da, bu qanun vacibdir. Ancaq elə İcbari sığortalar haqqında qanundan danışırıq, amma mən “Tibbi sığorta haqqında” Qanunu bir daha yada salmaq istəyirəm. Bu fikri komitənin iclasında da səsləndirdik. Bunu bir daha burada səsləndirməyim yersiz görünməsin, ancaq hesab edirəm ki, sığorta növlərinin içində ən vacibi məhz tibbi sığortadır. Bu gün tibbi sığortanın işləməsi aşağı əmək haqqı alan həkimlərin vəziyyətini xeyli yüngülləşdirə bilər. Hesab edirəm ki, əgər bu qanun varsa, dönüş nöqtəsi kimi bundan istifadə edərək “Tibbi sığorta haqqında” Qanunun da işlək mexanizmə çevrilməsinə şərait yaradaq. Mən bu qanunun qəbul ol-unmasına səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Cavid Qurbanov, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
C.Qurbanov. Bahar xanım, bir təklifim var. Komissiya da yaradıldı, əgər mümkündürsə, yekunlaşdıraq. Yoxsa bu məsələnin müzakirəsi uzanacaq, yəqin çox danışacağıq.
Olmazmı ki, hamı təkliflərini yazılı surətdə versin, bunlara komitələrdə baxaq və ortaya bir şey çıxaraq? Yoxsa hərə 10 dəqiqə danışacaq. Əlbəttə ki, başa düşürəm, bu, ağrılı məsələdir. Qəbul olunsa, belə bir təklif edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Təklif nə oldu?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İlyas müəllim, buyurun.
İ.İsmayılov. Çox sağ olun. Mən 3 maddə ilə əlaqədar öz arzumu bildirmək istəyirəm. Düzdür, birinci fikrimi əvvəllər də səsləndirmişdim. Səsləndirəndə nəzərə alırlar, amma layihələrdə nəzərə alınmır. Söhbət “İcbari sığortalar haqqında qanunvericilik” adlanan 2-ci maddədən gedir. Hesab edirəm ki, burada qanunlar hüquqi qüvvəsinə görə sadalanmalıdır. Yəni Konstitusiyadan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr göstərilməlidir. Hal-buki o axırda göstərilib.
Bir də, burada təkrara yol verilib. Yazılır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr. “Dövlətlərarası” elə beynəlxalq müqavilədir. Mən elə hesab edirəm ki, Konstitusiyanın 148-ci maddəsinin II hissəsində necə yazılıbsa, elə də göstərilməlidir: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr”. “Dövlətlərarası” sözü çıxarılmalıdır.
İkinci, 8.2-ci maddədə yazılır ki, icbari sığorta müqaviləsi müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Lakin nə bu maddədə, nə də sonrakı bəndlərdə kim tərəfindən verilməsi göstərilməyib. Ona görə mən təklif edirəm ki, “və ya sığorta olunan” sözlərindən sonra “sığortaçı tərəfindən verilməsi yolu ilə bağlanır” yazılsın. Yəni “sığortaçı tərəfindən” sözləri bura əlavə olunmalıdır. Bu da Mülki Məcəllənin 886.1-ci maddəsinə uyğundur. Orada deyilir ki, sığortaçı sığortalıya sığorta müqaviləsi haqqında imzalı sənəd – sığorta şəhadətnaməsi verməlidir.
Üçüncü deyəcəyim məsələ 13-cü maddə ilə bağlıdır. Bu-rada sığortalıyana dəyən zərər və onun əvəzinin ödənilməsi qaydası nəzərdə tutulmuşdur. 13.1-ci maddədə şəxsin yüngül və ya ağır xəsarət alması göstərilmişdir. Amma qanunda “az ağır xəsarət” də var. O niyə bura salınmayıb? Mən elə hesab edirəm ki, “az ağır xəsarət” də burada göstərilməlidir. 13.2.4-cü maddədən sonra “az ağır xəsarət”ə görə dəyən zi-yanın faizi müəyyən olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid edən yoxdursa, mən bir neçə kəlmə demək istəyirəm. Məsələ burasındadır ki, bu qanun layihəsinin ikinci oxunuşda müzakirəsi gedir. Burada məqsəd ondan ibarətdir ki, hər bir maddə, hər bir fəsillə bağlı hər bir deputat öz irad və fikirlərini bildirsin, tövsiyələrini versin. O ki qaldı qanunun müəyyən müddəalarının tam hazır olmaması və digər məsələlərə, mən artıq qeyd etdim, ikinci oxunuşdan sonra xüsusi bir komissiya yaradılacaq, ikinci oxunuşda, eyni zamanda, birinci oxunuşda deyilən bütün təklif və iradlar əməlli-başlı götür-qoy ediləcək və qanun layihəsi bir daha komitənin iclasında müzakirə olunacaq. Yalnız bundan sonra qanun layihəsi plenar iclasa çıxarılacaq. Əgər etiraz yoxdursa, biz bu qanun layihəsini ikinci oxunuşda qəbul edək, ondan sonra yaradılacaq qrup öz təkliflərini verər və biz ona baxarıq.
Qanun layihəsi Ümumi və Xüsusi hissədən ibarətdir. Ümumi hissədə fəsillər yoxdur. Xüsusi hissəni isə biz fəsil-fəsil səsə qoyacağıq. Ümumi hissə 20 maddədən ibarətdir, xahiş edirəm, onu səsə qoyaq. Buyurun, Ümumi hissəyə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 15.06 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi isə Xüsusi hissənin I fəslinə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 15.07 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xüsusi hissənin II fəslinə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 15.07 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xüsusi hissənin III fəslinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 15.08 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IV fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 15.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, xahiş edirəm, Yekun müddəalarına münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 15.09 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bütövlükdə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin axırıncı məsələsi Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqındadır. Bu siyahı sizə təqdim olunubdur. Əgər etiraz yoxdursa, bütövlükdə səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımız sona çatdı.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU