31.05.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ
PROTOKOLU № 17
Milli Məclisin iclas salonu.
31 may 2011-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 108
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini.
Əsəd Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.
Hüseyn Əlixanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişin təsdiq edilməsi barədə.
2. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında.
3. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
4. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında.
6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında.
9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
10. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 109
Nəticə: Qəbul edildi
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, İqbal Ağazadə, Rafael Cəbrayılov, Xanhüseyn Kazımlı, Astan Şahverdiyev, Cavid Qurbanov, Aydın Mirzəzadə, Etibar Hüseynov, Zeynəb Xanlarova, Siyavuş Novruzov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qənizadə, İqbal Ağazadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Rafael Cəbrayılov, Çingiz Qənizadə, İlyas İsmayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 108
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
31 may 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 108
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. Gündəliyimizdəki məsələlərin müzakirəsini davam etdirə bilərik.
Gündəliyin beşinci məsələsi – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinin 116.0.7-ci maddəsi qaz, elektrik və ya istilik enerjisi xətlərinin qa-nunsuz olaraq kəsilməsinə və ya həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə məsuliyyəti müəyyən edir. Təbii ki, burada söhbət həmin sahəyə nəzarət edən müfəttişlərin məsuliyyətindən gedir.
Praktikada belə hallar da baş verir ki, enerjinin verilməsi öncədən xəbərdarlıq edilmədən dayandırılır. Ümumi qəbul edilmiş qayda isə bundan ibarətdir ki, qanunvericilikdə müəyyən edilmiş hallarda vətəndaş öncədən yazılı bildiriş göndərilməklə xəbərdar edilməlidir. Təəssüf ki, bəzən bu qaydalara riayət olunmur.
Ona görə qanunvericilik təşəbbüsü subyekti tərəfindən 116.0.7-ci maddəyə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişiklik ona görə edilir ki, qaz, elektrik və ya istilik ener-jisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən bu kommunal xidmətlərin dayandırılmasına görə məsuliyyət nəzərdə tutul-sun. Beləliklə, bu sahənin müfəttişləri üzərinə belə bir vəzifə qoyulur ki, istehlakçıya öncədən yazılı bildiriş göndərmədən enerji xətlərinin kəsilməsinə yol verməsinlər. Hər halda bu maddədəki cərimə sanksiyası onları buna vadar edəcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, bu məsələyə münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 109
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin altıncı məsələsi – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Yenə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, “Yol hərəkəti haqqında” Qanuna son dövrlər bir neçə mütərəqqi dəyişiklik edilmişdir. Cənab Prezident də bu sahədə fəaliyyətin daha şəffaf və dəqiq həyata keçirilməsindən ötrü müvafiq sərəncamlar imzalamışdır.
Hazırda təqdim olunan layihənin müddəaları sürücülərin mənafeyinin müdafiəsi baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda, yol polisi əməkdaşlarının fəaliyyətinin daha şəffaf olmasına yönəlmişdir. Layihənin bütün müddəaları üzərində dayanmayacağam, amma bir neçə əsas məqamı qeyd etmək istəyirəm.
Dəyişikliklərdən ən vacibi ondan ibarətdir ki, 4-cü maddəyə təklif olunan əlavə qəbul edildikdən sonra fiziki şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat əldə etmək imkanı olacaqdır.
Layihədə çox vacib yeni bir maddə nəzərdə tutulub: “Maddə 85-1. Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası”. Yol hərəkəti qaydaları pozuntularının aşkar edilməsi və sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası qanunda tam aydın şəkildə göstərilmədiyinə görə praktikada bəzən bir sıra sui-istifadə hallarına yol verilir. Biz son dövrlər qanunvericiliyə bir neçə mütərəqqi müddəa əlavə etmişik. Hesab edirəm ki, qanuna bu maddənin əlavə olunması bu sahədə şəffaf mexanizmin yaradılmasını tamamlayacaq. Belə ki, təklif olunan maddənin müddəalarına görə, yol hərəkəti qaydasının pozuntusu aşkar olunarkən tərtib edilmiş protokol dərhal sürücüyə təqdim olunmalıdır. İnzibati xəta törətmiş şəxsə cəriməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitələrdən istifadə etməklə plastik kart vasitəsilə ödəmək imkanı da verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda qeyd olunur.
Bu maddədə cərimələrin ödənilməsi ilə bağlı müddətlər də müəyyənləşdirilib. Belə ki, inzibati cərimə növündə inzi-bati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 iş günü müddətində müvafiq məbləğ banka ödənilməlidir. Amma sürücü cəriməni 3 iş günü müddətində ödəyərsə, cərimənin 10 faizi miqdarında məbləğin ödənişindən azad edilir. Yəni belə demək mümkünsə, burada cərimələrin daha tez ödənilməsi üçün bir həvəsləndirmə müddəası mövcuddur. Bilirsiniz ki, hazırda yol hərəkətinin təhlükəsizliyi üçün məsul olan şəxslərin, yəni yol po-lisi əməkdaşlarının müəyyən mənada əmək haqları da bizim bir müddət öncə etdiyimiz dəyişikliklər nəticəsində o inzi-bati cərimələrlə bağlıdır.
Maddədə o da qeyd olunur ki, cərimə, müvafiq dəbbə pu-lu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun ora-da saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra nəqliyyat vasitəsi inzibati xəta törətmiş şəxsə və ya sahibinə qaytarılır.
Bütövlükdə deyə bilərəm ki, bu maddə məsuliyyətə cəlb etmə qaydasını tam şəffaf müəyyənləşdirib. Yekunda onu da demək istəyirəm ki, son dövrlər görülən bir çox tədbirlər əsas etibarilə proseslərin şəffaf həyata keçirilməsinə yönəldilmişdir. Bu günlərdə cənab Prezidentin şəffaflığın artırılması istiqamətində daha bir fərmanı olmuşdur. Bu, elektron hökumət ilə bağlı olan bir fərmandır. Əlbəttə, informasiya texnologiyalarının tətbiqi bu sahədə mövcud olan neqativ halların qarşısının alınmasında çox böyük rol oynayır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı iki məsələni vurğulamaq istərdim. İlk olaraq demək istəyirəm ki, 4-cü və 6-cı maddələrdəki dəyişikliklər müasir dövrün tələblərinə cavab verir. Dövrümüzün informasiya texnologiyaları dövrü olduğunu nəzərə alsaq, bu dəyişikliklərin əhəmiyyətini an-lamaq elə də çətin olmaz.
Digər bir dəyişiklik 85-ci maddə ilə bağlıdır. Burada qeyd olunur ki, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix uçota alınır. Əvvəllər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırdıqda dərhal sürücünü təqib etməyə başlayırdılar. İndi 85-ci maddənin 5-ci bəndinə edilən dəyişiklik nəticəsində daha buna ehtiyac qalmayacaq. Belə ki, bu hadisə baş verdikdə sürücünü məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə bu barədə tərtib olunmuş raport nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərilir. Bu çox müsbət və mütərəqqi bir dəyişiklikdir.
Hörmətli həmkarlarım, yol hərəkəti qaydalarından söz düşmüşkən bəzi mühüm məsələləri diqqətinizə çatdırmaq istərdim. Keçən çağırışda və eləcə də IV çağırış başlayandan bu yana yol hərəkəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Amma reallıq başqa şey deyir. Belə ki, biz hamımız, demək olar ki, günümüzün yarısını maşında keçiririk. Bakı yollarında vəziyyət yenə də dözülməzdir.
Biz qanunsuz dayanacaqlarla bağlı dəyişiklik etmişdik. Lakin siz bu istiqamətdə hər hansı müsbət dəyişiklik hiss edirsinizmi? Şəxsən mən hiss etmirəm. Götürək taksi sürücülərini. Yenə də taksiləri harada və necə gəldi saxlayırlar. Məsələn, nəqliyyatın sıx olduğu Səməd Vurğun küçəsində yolun hər iki hərəkət istiqamətində iki cərgə taksilər dayanır, sürücülər müştəri gözləyirlər. Bəs nə zaman bu sürücülərin dayanacaq yerləri müəyyən olunacaq? Yeri gəlmişkən bir neçə misal gətirim. Rusiyada, Moskvada taksilər ya xüsusi yerlərdə dayanır, ya da 3–4 taksiyə imkan verilir ki, avtobus dayanacaqlarında dayansınlar. Xarici ölkələrdə taksi dayanacaqları çox məhdud saydadır. Taksilər, əsasən, sifarişlə işləyir. Bizimkilər isə bütün günü şəhərin küçələrində müştəri axtarışındadır. Şəhərdə taksilər minik maşınlarından çoxdur.
Biz bu yaxınlarda avtobus marşrutlarına dair ciddi dəyişikliklər etmişik. Amma onlar yenə də sözün əsl mənasında bu qanunlara, – bağışlayın məni, – tüpürür, avtobusu harada gəldi saxlayırlar. Müştəriyə birinci çatmaq üçün bir-biri ilə yarışa da çıxırlar. Polislər isə bunu, sadəcə, seyr edirlər. Nəticədə də bədbəxt hadisələr baş verir.
Cənab Sədr, buna görə mən bütün bu müsbət dəyişikliklərə pessimistcəsinə baxıram. Nə qədər ki bizim sürücülərdə yol hərəkəti mədəniyyətinin səviyyəsi yüksəlməyib və bu istiqamətdə Dövlət Yol Polisi tərəfindən ciddi və davamlı tədbirlər görülmür, qəbul olunmuş qanunlara nəzarət mex-anizmi səmərəli işləmir, qanunlarımız mükəmməl olsa da, bunun heç bir xeyri olmayacaq.
Bu qanuna gəldikdə isə bir daha qeyd edirəm ki, nəzərinizə çatdırdığım dəyişiklikləri mühüm və dəyərli hesab edirəm və bunun üçün də layihənin lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən də yol hərəkəti qaydaları haqqında bu dəyişikliyin bəzi müddəaları barədə fikrimi bildirmək istəyirəm.
85-ci maddənin 2-ci bəndində qeyd olunur ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın 2 ay müddətində icra edilməməsinə görə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə nəqliyyat vasitəsinin saxlanılması həyata keçirilir. Amma bu doğru deyil. Əgər hər hansı bir qərar icra olunmayıbsa, buna görə vətəndaşın əmlakının saxlanılması barəsində müvafiq icra hakimiyyəti heç bir halda qərar verə bilməz. Qərarı yalnız məhkəmə verə bilər, çünki bu, əmlak məsələsidir. Əmlakın müvəqqəti və ya daimi müsadirəsi, yaxud ondan istifadənin müvəqqəti məhdudlaşdırılması haqqında qərarı icra hakimiyyəti verməməlidir. Hesab edirəm, bu, məhkəmə predmetidir və məhkəmə vasitəsilə olmalıdır.
85-ci maddənin 5-ci bəndində göstərilir ki, sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün filan-filan tədbirlər görülməlidir. Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirmək məsələsi, hesab edirəm ki, bu gün sürücü ilə müfəttiş arasında ən çox dartışılan və ən çox mübahisə yaradan predmetlərdən biridir. Yol hərəkəti qaydasını tənzimləyən yol polislərinin dayanmaq yeri haqqında da eyni sözləri demək olar. Harada dayanırlar, niyə dayanırlar, necə dayanırlar? Bu da qanunla müəyyən olunmalıdır. Dövlət yol polisinin əməkdaşları hətta körpünün üstündə, körpünün altında birdən dayanır, hansısa maşına saxlamaq əmri verirlər. Təbii ki, belə olanda sürücü təhlükəsizlik baxımından maşını saxlamır, gəlir, 50 addım qarşıda saxlayır. Yol polisinin əməkdaşı da dərhal onun arx-asınca gəlir, deyir, əmrə tabe olmadınız, saxlamadınız.
Burada bir dəfə də mən qeyd etmişəm. Çox açıqdan-açığa küçənin ortasında heç bir radar sistemi quraşdırılmadan kiminsə maşınının üzərinə nəyi isə qoyur, deyir, sürət həddini aşmışdın. Nəyinlə müəyyən elədin? Deyir, mənim radarım göstərir. Bu tipli yanaşma ilə sürücülərə cərimələr tətbiq olunur və bu çox ciddi şəkildə narazılıq yaradır.
Mən hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanı bununla bağlı standartları və normaları müəyyənləşdirib Milli Məclisə göndərməlidir ki, Milli Məclis də bununla bağlı müvafiq normativ akt qəbul etsin. Aydın şəkildə bilin-sin ki, yol polisi harada dayanıb hərəkəti tənzimləməlidir, sürücüləri hansı formada saxlamalıdır və yaxud saxlamaq əmrini yerinə yetirməyən sürücü ilə bağlı hansı tədbiri görməlidir.
Hesab edirəm, bu tipli məsələlər həll olunmasa, yenə də ciddi şəkildə problemlər qalacaq və yenə də yol polisi ilə sürücülər arasındakı münasibətlər tənzimlənməyəcək. Bir də ki, inzibati cərimə növündə dəbbə pulu ödənilmədikdə nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaq və minik avtomobilini saxlamaq səlahiyyətini heç kim icra hakimiyyətinə verə bilməz, bu da məhkəmə predmetidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Bizim komitənin sədri hörmətli Əli müəllim tərəfindən təqdim olunan bu layihə yol hərəkəti qaydalarının daha dəqiq tənzimlənməsi, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunması, cərimələr tətbiq olunduğu halda bu cərimələrin ödənilməsi və ödənilmənin stimullaşdırılması ilə bağlı məsələləri daha dəqiq tənzimləməyə imkan verəcək.
“Yol hərəkəti haqqında” Qanuna 85-1-ci maddənin əlavə olunması xüsusilə təqdirəlayiqdir. Bu maddənin cərimələrlə bağlı müddəalarının tətbiqi yalnız işin xeyrinə ola bilər. Tətbiq olunan cərimənin 3 gün müddətində ödənildiyi halda 10 faizinin güzəştə gedilməsi, habelə bir aydan sonra ödənilmədiyi halda hər günə iki faiz dəbbə pulunun tətbiq olunması yol hərəkəti qaydalarını pozan sürücüdə bu cərimənin ödənilməsi ilə bağlı bir stimul yaradacaq.
Bəzi həmkarlarım cərimənin 3 ay müddətində ödənilmədiyi halda müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına avtomobilin saxlanılması hüququnun verilməsi ilə razı olmadıqlarını bildirirlər. Halbuki bizim qanunvericilikdə nəink nəqliyyatın idarə olunmasından məhrumetmə, hətta qısa müddətə azadlıqdan məhrumetmə hüququnun müvafiq icra hakimiyyəti orqanına verilməsi halları mövcuddur.
Mən düşünürəm ki, inzibati xəta törətmiş şəxsin cəriməni 3 ay müddətində ödəmədiyi halda məhkəmə qərarı ilə sürücülük hüququndan məhrum olunması və cərimənin məcburi qaydada ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə müddəalar da bu qanunun işləməsinə kömək edəcəkdir. Amma 3 aydan sonra həmin şəxs cəriməni ödəyəndə onun sürücülük hüququndan məhrum edilməsi haqqında qərara xitam verilməsi müddətinin burada göstərilməməsi düzgün deyil. Mən fikirləşirəm ki, hörmətli Əli müəllim qanun-vericilik təşəbbüsü hüququnun subyekti ilə bu məsələni razı-laşdırsaydı, daha yaxşı olardı. Çünki cəriməni 3 ay müddəti keçəndən sonra ödəyən şəxs istəyir ki, onun sürücülük hüququndan məhrum edilməsi barədə məhkəmə qərarına xitam verilsin. Bilirik ki, məhkəmələrdə işlərin icraata götürülməsi və baxılması üçün bizim qanunvericilikdə müddətlər müəyyən olunub. Ona görə istəməzdik ki, sürücü aylarla məhkəməyə gedib-gəlsin. Həmin maddədə “sürücülük hüququndan məhrumetmə barədə qərarın ləğv edilməsinə məhkəmə 3 gün müddətində baxır və qərar çıxarır” müddəasını yazsaydıq, daha yaxşı olardı.
Amma bütövlükdə şəksizdir ki, “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər, ümumiyyətlə, bu qanunun daha yaxşı işləməsinə, münasibətlərin daha yaxşı tənzimlənməsinə kömək edəcəkdir. Odur ki, hörmətli həmkarlarımdan xahiş edirəm, layihənin qəbul olunmasına səs versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Cənab Sədr, təşəkkür edirəm. Hörmətli Məclis üzvləri! Qanunlara bütün əlavə və dəyişikliklər bizim qanunvericilik bazasının təkmilləşdirilməsinə və ümumiyyətlə, qanunvericilik təminatının yaxşılaşdırılmasına xidmət edir. Bu qanun da belə qanunvericilik aktlarından biri ola-raq, sürücülərin məsuliyyətinin artmasına, sürücü ilə dövlət avtomobil müfəttişliyinin əməkdaşları arasında münasibətlərin daha möhkəm hüquqi əsaslar üzərində qurulmasına kömək edəcəkdir.
Şəhərimizdə, ümumiyyətlə, Azərbaycanın bütün regionlarında son illərdə yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər bəlkə də 50 ildə, 100 ildə görülməmişdi. Çox böyük işlər görülüb. Bakının özündə də, Bakı ətrafında da bu sahədə gecəli-gündüzlü səmərəli, intensiv iş gedir, dövlət büdcəsindən böyük vəsait xərclənir. Lakin bəzən yol-ların hər iki tərəfində maşınların dayanması tıxacların yaranmasına səbəb olub, görülən işlərin keyfiyyətini aşağı salır. Mənə elə gəlir ki, Dövlət Yol Polisi əməkdaşları bu məsələyə ciddi fikir verməlidirlər. Əgər orada “saxlamaq olmaz” işarəsi varsa və sürücü maşını gətirib orada saxlayıbsa, o, cərimə ol-unmalıdır. Yoxdursa, deməli, o işarə orada qoyulmalı və hamı bilməlidir ki, burada maşın saxlamaq olmaz.
Cənab Sədr, yəqin ki, bu qanunla əlaqədar Dövlət Yol Po-lisi rəhbərliyindən kimlərsə burada iştirak edirlər. Yaşadığım yerdə yol ilə bağlı bir problemdən adamların böyük əzab-əziyyət çəkdiyini nəzərə alaraq, mən Ramiz Zeynalova dəfələrlə rəsmi surətdə müraciət etmişəm. Yolun xəritəsini çəkdirib göndərmişəm ki, burada böyük tıxaclar olur və yol hərəkəti qaydaları pozulur, gəlin, buna bir çarə qılaq.
Nədir orada? Kim isə yolu kəsib, maşınlar məcbur olub yol istiqamətinin əksinə gedir. DYP işçiləri də o saat sürücünün başının üstünü kəsirlər. Yazıqdır, bunun bir köhnə “Ji-quli”si var, bunun günahı nədir? “İnşaatçılar” metrosundan söhbət gedir. Ramiz müəllim mənim müraciətimə cavabında yazır ki, orada hər hansı bir geriyə dönüş gərginliyi daha da artırar. Mən də deyirəm, ay Ramiz müəllim, metronun üstündə minlərlə avtobus dayanır, minlərcə maşının da oradan keçib 3 kilometrdən sonra geri qayıtması gərginliyi artırır. Orada kimsə yolu qanunsuz kəsib. Sən baryeri götür, maşınlar 100 metr geri qayıtsın. Bu, gərginliyi ən azı 50 faiz azaltmış olar.
İndi siz deyin, bu, səriştəsizlikdir, yoxsa laqeydlik? Mən hesab edirəm ki, bu, səriştəsizlik deyil, sözün əsl mənasında laqeydlikdir. Vaxtilə bizim ulu öndər, – Allah rəhmət eləsin, – deyib ki, laqeyd insanlar elə bilirlər, qanunu pozmurlar, amma özlərinin laqeydliyi ilə bu və ya digər bədbəxt hadisələrin yaranmasına şərait yaratmış olurlar. Bilmirəm, niyə belə edirlər. Mən Ramiz müəllimə hörmət bəsləyirəm. Yaxşı oğlandır, cavan oğlandır, yüksək rütbə də alıb, Allah sağlığına qismət eləsin, kefi də pis deyil, amma belə laqeydlik ol-maz axı. Mən xahiş edirəm, dediklərimi nəzərə alsın. Belə olmaz.
Sədrlik edən. Çıxış eləyib şikayətləri dedin, Xanhüseyn müəllim, amma demədin, bu qanun layihəsinə səs verəcəksən, ya səs verməyəcəksən.
Astan Şahverdiyev. Xahiş edirəm, çıxışlarınızın axırında münasibətinizi qeyd edin.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən təqdim olunan qanun layihəsinə, yəni bu dəyişikliklərə səs verəcəyəm. Hesab edirəm ki, bunlar tamamilə doğru, düzgün dəyişikliklərdir.
Azərbaycanın bütün sahələrdə inkişafı göz qabağındadır. Müasir dünya standartlarına cavab verən yeni yolların çəkilməsi də bu inkişafın bir təzahürüdür.
Magistral yollar kəndlərdən, şəhərlərdən keçir. Kənd yollarında çəpər yoxdursa, heyvanlar yola çıxa bilir. Bu da yo-lun təhlükəsizliyinə birbaşa təhlükə törədir. Avropa ölkələrində, məsələn, Almaniyada avtobanda avtomobilin sürəti nə qədər imkan verirsə, o sürətlə sürürlər. Bu gün artıq Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Aeroport yolunda və yaxud Lökbatana gedən yollarda sürət artıq saatda 120 kilometrə çatır.
Qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda 6.1-ci bəndin əlavə edilməsi təklif olunur: “barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq”. Əli müəllim, bəlkə burada “informasiya ehtiyatlarından” yox, “informasiya bankından” yazsaq, daha doğru olar. Bilmirəm, bunu Siz daha yaxşı bilirsiniz.
Bəzi çıxışlarda yol polisindən şikayətlər səsləndi. Doğrudan da, bəzən tıxacların yaranmasına səbəb yolun hər iki tərəfində maşınların saxlanması olur. O maşınları saxlayan adamlar düşünməlidirlər ki, burada maşın saxlamaq qadağan olunub. Orada maşınlarını saxlamamalıdırlar. Hər sürücünün yanına bir polis işçisi qoyulacaq məgər?
Biz də avtomobildən istifadə edirik. Özü də mən sizlərdən daha çox istifadə edirəm, çünki mənim seçicilərim 58 rayonda məskunlaşıblar. Mən mütəmadi olaraq onlarla görüşə ge-dir və görürəm ki, artıq yollarda polis dayanmır. Məsələn, mən dünən Biləsuvara gedib-gəlmişəm. Yollarda bir yol polisinə rast gəlmədim. Yəni deyilənlərin bir qismi də haqsız deyilir. Mən hesab edirəm ki, yol polisinin maddi-texniki bazası da, xüsus bilikləri, qanunları mənimsəməsi də gündən-günə təkmilləşir. Mənə elə gəlir ki, burada onların ünvanına deyilən iradlar əsassızdır.
Digər bir məsələ ilə bağlı fikrimi bildirirəm. Burada “qa-nunlara tüpürmək” ifadəsi işlədildi. Mən hesab edirəm ki, millət vəkilinin bu yüksək kürsüdən belə ifadələr işlətməsi etik cəhətdən düzgün deyil.
Çıxışımın sonunda qeyd edirəm ki, mən bu dəyişikliklərin lehinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov.
C.Qurbanov. Hörmətli Sədr, qanuna mən də səs verəcəyəm. Dəyişikliklər də mütərəqqi dəyişikliklərdir. Sadəcə, bir-iki məsələ barədə fikrimi demək istəyirəm.
85-ci maddədə göstərilir ki, nəqliyyat vasitəsində norma-tiv tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin şüşələrinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsinə xüsusi çoxavazlı səs və ya sayrışan işıq siqnalları qoyulduqda nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır. Yaxşı olardı, buraya “normativ tələblərə uyğun gəlməyən yük daşıdıqda” sözləri də əlavə olunsun. Çünki nəqliyyat vasitələrinin nor-madan artıq yüklənməsi yolların dağılmasına gətirib çıxarır.
Bayaq burada Elmira xanım danışdı. Dedi ki, şəhərdə taksilər dayanacaqlarda durmur. Bakı şəhərində bundan sonra 76 taksi dayanacağı tikilməlidir. Biz müvafiq qərar hazırlamışıq, hökumətə təqdim olunub. Taksi dayanacaqları üçün yerlər ayrılmalıdır. Amma bu heç də o demək deyil ki, bütün taksilər taksi dayanacaqlarında dayanmalıdır. Elmira xanım, taksi dayanacağında ya iki, ya da üç maşın dayana bilər. Qalan taksilər isə xüsusi çağırışla xidmət göstərməlidir. Ümumiyyətlə, qayda belədir, taksilər çağırışla gəlməlidir. Taksi dayanacaqlarında isə ən çoxu 3, ya da 4 yer olur. Belə yerlər də ola bilər ki, ancaq çağırışla işləyən taksilər tərəfindən istifadə olunsun. Bir də bilirsiniz ki, şəhərdə nəqliyyata nəzarət üçün idarəetmə sistemi qurulur. Yəqin ki, yaxın günlərdə başa çatdırılacaq. Şəhərdə qaydaları pozan, icazə verilməyən yerdə dayanan hər maşın haqqında məlumat idarəetmə mərkəzinə çatdırılacaq.
Yolların hər iki tərəfində maşınların dayandığını dey-irsiniz. Məncə, bunun üçün sürücülərimizdə o qədər günah görməli deyilik, çünki şəhərimizdə yeraltı dayanacaqlar yoxdur. Bakı şəhərində maşınların saxlanması üçün 120-dən çox yeraltı və ya yerüstü dayanacaq lazımdır. Bunlar isə yoxdur. Çox təəssüflər olsun ki, bizim bəzi məmurlar belə “xırda şeylər” barədə düşünmədiklərindən bu dayanacaqları şəhərdə yerləşdirmək də mümkün deyildir. Gələn il isə bizdə böyük bir hadisə – Avroviziya ilə əlaqədar olaraq Bakı küçələrində sıxlıq bir az da artacaq. Əslinə qalsa, bu gün Bakı şəhərində tıxac yoxdur, sadəcə, sıxlıq var. O sıxlığı da biz özümüz yaradırıq. Çünki bizdə sürücülük mədəniyyəti bir az aşağıdır.
Amma qanun yaxşı qanundur, mütərəqqi qanundur. Mən xahiş edərdim ki, həmkarlarım bu qanuna səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Yol hərəkəti qaydalarına etdiyimiz dəyişikliklər, bir qayda ola-raq, cəmiyyətin diqqətində olur. Ona görə ki, əhalinin təqribən 20–30 faizinin şəxsi avtomobili var. Prinsipcə bunlar bizim seçicilərimizdir və qəbul etdiyimiz dəyişikliklər seçicilərimizin birbaşa mənafeyinə təsir edir. Bu baxımdan seçicilərimizin, yəni avtomobil sahiblərinin vəziyyətinin yüngülləşdirilməsinə təsir edən dəyişikliklər müsbət haldır və əlbəttə ki, maraqla qarşılanır.
Təklif edilən dəyişiklik Azərbaycanın hüquq sistemində yenilikdir. İlk dəfədir ki, cərimə olunan həvəsləndirilir, cəriməni müəyyən müddətdə ödədikdə onun bir hissəsini ödəməkdən azad edilir. Amma mən hesab edirəm ki, bunu daha çevik, daha cəlbedici etmək və bu zaman artıq yol poli-si əməkdaşları ilə sürücülər arasında ara-sıra yaşanan gərginlikdən azad olmaq olar. Məsələn, bizə təklif edilən variantda cərimə 3 gün ərzində ödənilərsə, onun 10 faizindən azad ol-unma nəzərdə tutulur. Mən isə başqa bir variant təklif edirəm. Mümkündürsə, bunu nəzərdən keçirsinlər. Əgər cərimə olunan şəxs onu bir gün ərzində ödəyərsə, cərimənin 50 faizindən, iki gün ərzində ödəyərsə, 30 faizindən, 5 gün ərzində ödəyərsə, 10 faizindən azad olunsun. Mən sizə deyim ki, Amerika Birləşmiş Ştatlarında bu metoddan geniş istifadə edilir. Bu təklifin nəzərdən keçirilməsini təklif edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim, 4 nəfər qalıb, artıq 3 nəfər qaldı. Xahiş edirəm, inciyən olmasın. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Biz nədənsə əksər vaxtlarda günahı gücsüz, zəif, hüququ az olan təbəqənin üzərinə yıxırıq. İndi də Bakı şəhərində olan tıxacların bütün günahını taksi sürücülərinin üzərinə yıxmağa çalışırıq. Bu taksilər üçün axı nə vaxt dayanacaqlar ayrıldı və yaxud beynəlxalq aləmdə məşhur olan telefonla çağırış xidməti yaradıldı ki, taksi sürücüləri gedib ondan istifadə etmədilər? Onların özlərinə də sərf eləyər ki, otursunlar evdə, telefonla sifariş gəldikdə çağırıldıqları ünvana getsinlər, nəinki saat-larla qışda, soyuqda və yaxud yayın istisində, günün altında durub müştəri gözləsinlər.
Mən elə bilirəm ki, Bakı şəhərində yaranan tıxacların əsas səbəbi ondadır ki, Bakı Şəhər İcra Hakimiyyəti nəqliyyatın ən sıx olan yerlərində çox böyük ticarət mərkəzləri, biznes mərkəzləri tikintisinə icazə verir və bu tikintilər vaxtı daya-nacaq problemi nəzərə alınmır. Həmin ticarət və ya biznes mərkəzlərində bir neçə yüz adam çalışır. Kənardan gələnləri bir tərəfə qoyaq, elə həmin mərkəzlərdə çalışan insanların belə orada avtomobil saxlamaq imkanı olmur. Bu da ondan irəli gəlir ki, həmin binaların tikintisində dayanacaq məsələsi qətiyyən nəzərə alınmır.
Gələn il Bakıda Avroviziya yarışması keçiriləcək. Bizim tıxacların əlindən müğənnilər bir çox hallarda toylarda gəlib oxuya bilmirlər. Sabah iştirakçılar yarışmaya gəlib çatmasa, biabırçılıq olacaq. Ona görə mən belə hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti dayanacaq məsələsinə diqqət yetirməlidir. Bizdə kiməsə sərf edirsə, xırda iş adamları qoluna bir qırmızı bağlayıb, küncdə-bucaqda özü üçün bunu təşkil eləyə bilir və o pullar da hara yığılır, kimin cibinə gedir, məlum deyil. Yenə deyirəm, gələn il Bakıda böyük bir yarışma keçiriləcək. Həmin dayanacaqları Bakı Şəhər İcra Hakimiyyəti özü təşkil edə bilməzmi? Bizdə Sədərək ticarət mərkəzinin və yaxud aeroportun girəcəyində şlaqbaumlar qoyulub. Bu cür dayanacaqları şəhərin daxilində zövqlə, yüksək səviyyədə təşkil etmək olar. Sürücülərimiz bundan kart vasitəsilə qanuni şəkildə istifadə edə bilərlər.
Sədrlik edən. Çox sağ olun. Zeynəb Xanlarova.
Z.Xanlarova. Oqtay müəllim, o sözləri ki mən deyəcəkdim, hörmətli Etibar Hüseynov dedi. Mən ancaq onu əlavə etmək istərdim ki, hər şeyi yol polisinin üstünə atmaq olmaz. Dəfələrlə hara getmişəmsə, onların əziyyətli işini, zəhmətini görmüşəm. Taksilər harada dayanmalıdır? Axı nə qədər ti-kili olar, yollar nə qədər sökülər, yollarda nə qədər yeraltı keçid olar? Mən dünyanı gəzmişəm, görmüşəm. Hər yerdə gecələr işləyirlər, gündüz iş olmur. Dünyanın hər yerində iş gedir. Mən demirəm ki, bizim yollarda tikinti işləri aparılmasın. Aparılsın, ancaq şəhərdə gediş-gəlişin gur olduğu vaxtda yox. Nəyi isə söküb dağıtmağın da öz vaxtı var.
Mən deyərdim, Ramiz Zeynalov kimi polis işçisi bəlkə də yoxdur. Çox gözəl işləyir. Onun gecə-gündüzünün mən şahidi olmuşam. Hər şeyi də polislərin üstünə atmaq olmaz. Tikinti işlərini gecələr aparmaq lazımdır, gündüz yox. Camaat keçə bilmir. Tıxac nədən əmələ gəlir? Bu yazıq sürücülər nə etsinlər, maşını harada saxlasınlar? Mənim deyəcəklərimi Etibar müəllim dedi, ona görə mən uzatmıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələni nəzərə çat-dırmaq istəyirəm.
İndi çıxış edən millət vəkillərinin əksəriyyəti nəqliyyatın sıxlığından və digər məsələlərdən danışdı. Bunların hamısı ölkənin iqtisadi inkişafının göstəricisidir. MDB məkanında adambaşına düşən maşınların sayında Azərbaycan birinci yeri tutur. Yəni bu, insanların həyat tərzinin dəyişməsinin nəticəsidir.
Burada şikayət edirlər ki, tikinti-quruculuq işləri gedir. Getməlidir, əlbəttə, bu, inkişafdır, ölkə gözəlləşir. Bəli, bu zaman müəyyən ötəri problemlər də yaranır. Amma bu problemlər insanların gələcək rahatlığının təminatı üçün yaranır. Hansısa muzey təmir olunursa, insanların, xalqın gələcəyini təmin etməkdən ötrü təmir olunur. Ola bilər, bu, orada yaşayan sakinlərin bir neçə ay narahatlığına səbəb ol-sun. Amma bu, ümumxalq məsələsidir və ciddi bir məsələdir.
İndi biz deyirik ki, Bakı şəhərində yeraltı dayanacaqlar yoxdur və sair və ilaxır. Var, kifayət qədər var. Mən bir misal göstərim. Bakıda kifayət qədər yeraltı və yerüstü keçidlər var. İnsanlar oradan keçirlərmi? Məcbur olub yolun hər iki tərəfindən bir 20 metr də çəpər çəkiblər ki, heç olmasa, buna görə insanlar keçidə girsinlər. Yaraşıqlı, bəzəkli, işıqlı keçidlərdir, bəzi yerlərdə eskalator da qoyulubdur. O çəpərin üstündən tullanır, amma yeraltı keçidin içinə girmirlər. İndi şəhərin müxtəlif yerlərində yeraltı dayanacaqlar var. Sükan arxasında olan insan fikirləşir ki, bir də ora girim, aparım maşını saxlayım, çıxım. Nəyimə lazımdır, elə yolun qırağında saxlayıram, istədiyim yerə daxil oluram. Məsələ bundadır. İnsanlar arasında bu sahədə maarifləndirmə işi aparılmalıdır, orada qadağa nişanı qoyulmalıdır və əgər bundan sonra maşın orada saxlanılarsa, götürülüb aparılmalıdır. İki dəfə, üç dəfə o vətəndaşın maşını oradan aparılsa, vətəndaş artıq öz nəqliyyat vasitəsini həmin yerdə saxlamayacaq.
Burada taksi sürücüləri ilə bağlı iradlar səsləndi. Taksi sürücüləri kasıb təbəqədən olan, çörək pulu üçün çalışan in-sanlardır. Amma dünyada tətbiq olunan müəyyən praktika var və biz bu praktikadan hələ ki, uzağıq. Praktika ondan ibarətdir ki, İstanbul kimi şəhərdə 14 min taksi var. Şəhərdə 14 min birinci taksi peyda olursa, dərhal aradan götürülür və bu xidmət sahəsindən çıxarılır. Maşın köhnəlirsə, təzəsi ilə əvəz olunur, ona nömrə verilir və sair. Orada taksi işi ilə xüsusi icazəsi olan adamlar məşğul olurlar, başqa adam məşğul ola bilməz. Bizdə isə bu gün kim istəyir, gedir bir yol tapır, sərəncam alır, 20, 50, 70 taksi gətirir, ümumi şəhər nəqliyyatına daxil olur. Yaxud kim isə başqa bir peşəsi olmadığından köhnə bir nəqliyyat vasitəsi alıb, ondan taksi kimi istifadə edərək çörək pulu qazanır. Bu adamlar həm başqasının çörəyinə bais olur, həm şəhərdə sıxlıq yaradır, həm də bizim bu gün toxunduğumuz başqa problemlərə səbəb olurlar. Ona görə də dəqiq müəyyənləşdirilməlidir ki, Bakı şəhərinin tələbatı neçə taksiyədir. Bakı şəhərinin tələbatı 2000 taksidirsə, 2000 taksi qalmalı, qalan taksilər çıxmalı və 2001-ci taksi gəlməməlidir. İkinci bir tərəfdən taksi sürücülərinin də, yəqin ki, hazırlıq kursları olmalıdır. Onlar, heç olmasa, şəhərin xəritəsini tanımalı, ünvanları bilməlidirlər. Çox hal-larda görürsən ki, sürücü istiqaməti vətəndaşdan soruşa-soruşa onu birtəhər aparıb mənzil başına çıxarır.
Mən avtobus sürücüləri ilə bağlı bir misal göstərə bilərəm. Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sürücüləri ilə bağlı məsələ çox gözəl həll olunub-dur. Avtobus və ya taksi sürücüsü ictimai nəqliyyatı idarə edəndə siqaret çəkə bilməz, mobil telefonla danışa bilməz, maqnitofona istədiyi yüksəklikdə səs verib kiminsə hansısa toyda, nə bilim, yasda oxuduğu mahnıları gətirib orada səsləndirə bilməz. Yəni belə də olmalıdır. Bakıda isə görürsən ki, avtobus sürücüsü şəhərin sıx yerində 50 sərnişin aparır, siqareti bir əlindədir, bir əlində də mobil telefonla danışır. Heç kim də buna irad tutmur ki, nəqliyyat vasitəsi düzgün idarə olunsun. Nə hüquq mühafizə orqanları, nə də bu sahəyə baxan insanlar tərəfindən bir nəzarət hiss olunur. Halbuki burada vətəndaşın taleyi həll olunur. Ona görə mən də hesab edirəm ki, qanunda mütləq bu məsələlər də nəzərə alınmalıdır.
İritonnajlı maşınların gündüz şəhərə girməsi bütün dünyada qadağandır. Əlbəttə, elə yerlər var ki, bu gün o vacibdir, təcili təhvil verilməlidir. Onların siyahısı müəyyənləşdirilməlidir. Qalan hallarda ağır beton daşıyanlar və bu qəbildən olan digər maşınlar dünyanın hər yerində ancaq müəyyən saatdan, məsələn, saat 8-dən, 10-dan, 12-dən sonra şəhərə daxil ola bilir. Belə maşınların bundan tez şəhərə daxil ol-masına icazə verilmir. Mən hesab edirəm ki, bu şeylərin qanunvericilikdə nəzərə alınması həm əhalinin təhlükəsizliyi, rahatlığı, həm də sürücülərin hüquqlarının qorunması baxımından çox vacibdir.
Mən bu qanun layihəsinə səs verəcəyəm, həmkarlarımı da ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən çıxışlara diqqətlə qulaq asdım. Müxtəlif fikirlər deyildi. Amma bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Hərdən elə olur ki, qəbul etməli olduğumuz qanun layihəsi bir kənarda qalır, başqa müzakirələr keçirməyə başlayırıq. Biz indi bu qanun layihəsini müzakirə edirik, Dövlət Yol Polisi İdarəsinin hesabatını dinləmirik. Yol hərəkətinin daha yaxşı tənzimlənməsi üçün bir neçə il ərzində qanunlar qəbul etmişik. Sizin dediyiniz məsələlərin əksəriyyəti onların içərisində var. Son illər ərzində qəbul ol-unan qanunlar elə bu məsələlərin həllinə yönəldilib. Məsələn, yadınıza gəlirsə, fevral ayında biz bir qanun qəbul elədik. Həmin qanunda deyilirdi ki, cərimələrdən əldə olu-nan pulların 25 faizi dövlət yol polisi müfəttişlərinin əmək haqqına yönəldilsin. Dövlət Yol Polisi İdarəsinin işində çox böyük dəyişikliklər, irəliləyişlər var və biz əminik ki, belə qanunları qəbul eləməklə onun işini daha da yaxşılaşdıracağıq. Ona görə də həmişə tənqid edəndə, heç olmasa, görülən yaxşı işlər barəsində də danışmaq lazımdır. Mən də hesab edirəm ki, bu çox lazımlı qanun layihəsidir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, əslində, İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişikliklər bir qədər öncə danışdığımız “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklə üzvi surətdə bağlıdır. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adlı 159-1-ci maddə əlavə edilsin.
Biz bundan əvvəlki qanun layihəsinin müzakirəsində belə bir inzibati cərimənin ödənilməsi, onu tez ödəyərkən ödənişin müəyyən bir hissəsindən azad olma ilə bağlı müddəalardan danışdıq və sürücülərin bu cür həvəsləndirilməsini təqdir etdik. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, heç də hamı inzibati cəriməni qanunvericilikdə nəzərdə tu-tulmuş qaydada ödəmir. Bu baxımdan təklif olunur ki, inzi-bati cəriməni ödəməməyə görə də məsuliyyət nəzərdə tutul-sun. Maddədə deyilir: “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır”.
Bizim vətəndaşlar, o cümlədən sürücülər kifayət qədər sağlam düşüncəli insanlar olduğundan inanmaq istərdim ki, belə hallara yol verilməyəcək, yəni inzibati cərimələr müəyyən olunmuş müddətdə ödəniləcək. Amma ödənilmədiyi halda hər bir sürücü bilməlidir ki, onu nəqliyyatı idarə etmək hüququndan 6 ay məhrumetmə cəzası gözləyə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə edilən dəyişiklik müəyyən mənada bu sahədə mövcud olan problemlərin həllinə yönəldilib və deyərdim ki, əslində, bir zərurətdir. Bilir-siniz ki, məhkəmə-hüquq islahatları sayəsində üçpilləli məhkəmə sistemi yaradılmışdır və sonuncu pillə kassasiya pilləsidir. Vətəndaşların Ali Məhkəməyə, bundan sonra, təbii ki, Konstitusiya Məhkəməsinə, konstitusion hüquqları pozulduqda isə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ var. Amma təcrübədə Ali Məhkəmənin plenu-munun yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxması proseduru bir sıra hallarda vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Bəzi hallarda vətəndaşlar hansı əsaslara görə onlara rədd cavabı verildiyini bilmir və narazı qalırlar. Ümumiyyətcə, hazırda işin plenuma göndərilməsi ilə bağlı rədd cavabı yox, qərar çıxarılır.
Bu məsələlərin müzakirəsi ilə bağlı Ali Məhkəmədə müvafiq işçi qrupu yaradılmışdır. İşçi qrupu uzun müddət Mülki Prosessual Məcəllənin bu müddəası üzərində düşünüb-daşınmışdır. Həmin işçi qrupunun bir nümayəndəsi, Ali Məhkəmənin üzvü bizim parlamentin iclasına dəvət olunub. Hesab edirəm ki, müəyyən mənada ədalətli bir çıxış yolu tapılıb. Həm ədalətli, həm də qanuni.
Qüvvədə olan 437.1-ci maddəyə görə Ali Məhkəmənin plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Amma həmin maddənin təklif olunan variantı ərizəyə ilkin baxışı da nəzərdə tutur. Yəni təklif olunur ki, ərizəyə ilkin olaraq Ali Məhkəmənin plenumunun təyin etdiyi 5 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxılsın və bu maddədə nəzərdə tutulan qərardadlardan biri qəbul olunsun. Bu qərardad ya ərizənin düzəldilmək üçün qaytarılması, ya rədd edilməsi, ya da Ali Məhkəmənin plenumuna göndərilməsi haqqında qəbul edilə bilər. Beləliklə, bu məsələni həll edən tərəf 5 hakimdən ibarət məhkəmə tərkibi olur.
İşçi qrupunun bu təklifi qanunvericilik təşəbbüsü subyekti tərəfindən də dəstəklənib parlamentə təqdim olunub. Elə bilirəm ki, 437-ci maddənin yeni variantı bu sahədə mövcud olan həmin problemləri, anlaşılmazlığı, bəzən də vətəndaşların narazılığını aradan qaldırmış olacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Oqtay müəllim. Bu 437-ci maddə ilə bağlı bəlkə də ən çox bizim komitəyə vətəndaşlar şikayətlə müraciət edirlər. Mən bu şikayətləri dinləyən in-sanlardan biri kimi bu gün böyük sevinc hissi ilə demək istəyirəm ki, artıq bu problem öz həllini tapır.
Bu problem nədən ibarət idi? Əli müəllim qısaca qeyd elədi. Mən yaranmış imkandan istifadə edərək bunu bir qədər geniş izah etmək istəyirəm. Əvvəllər vətəndaş işinin ple-numa çıxarılması barədə ərizə ilə müraciət edirdi və Ali Məhkəmənin sədri tərəfindən bu iş hakimlərdən birinə ünvanlanırdı. Həmin hakim məruzəçi adlanırdı. Ərizə verən şəxslər bu hakimlə əlaqə yarada bilmir və rədd cavabı aldıqda bunun nə ilə əsaslandırıldığını başa düşmürdülər.
Əli müəllim doğru qeyd elədi. Həqiqətən, Ali Məhkəmənin plenumuna işin çıxarılması ilə bağlı praktikamız olduqca zəifdir. Praktikada çox az hallarda plenuma işlər çıxarılır və vətəndaşlar haqlı olaraq düşünürlər ki, bir hakimin rəyi, mövqeyi ola bilər, qeyri-obyektiv olsun, ola bilər, müəyyən subyektiv meyarlar ona düzgün qərar çıxarmaqda mane ol-sun və sair. Ona görə həddindən çox şikayətlər olur. Amma 437-ci maddənin bu gün müzakirəyə çıxarılan yeni variantı artıq bizə imkan verəcək ki, bu haqlı və haqsız şikayətlərdən yaxamızı qurtaraq.
Ərizəyə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxacaq. Bunun özü bir məhkəmə prose-sidir. Yəni bizdə bu gün məhkəmə tərkibi 3 nəfərdən artıq olmadığı halda vətəndaşın ərizəsinə ilkin olaraq 5 nəfər ha-kim tərəfindən baxılması mütərəqqi və demokratik bir pro-sesdir və mən bunu alqışlayıram. Eyni zamanda, qeyd edirəm ki, cəmiyyətdə məhkəmə hakimiyyəti haqqında formalaşan müəyyən mənfi fikirlərin bir hissəsi məhz bu qanun qəbul edildikdən sonra yox olacaqdır.
Burada çox maraqlı bir məqam var. Layihədə bu 5 hakimdən birinin dəyişdirilməsi də nəzərdə tutulub. Bu ondan irəli gəlir ki, bu hakimlərdən biri ərizə ilə bağlı iş üzrə maraqlı ola bilər, ərizəçi və ya işdə iştirak edən digər şəxslərlə müəyyən münasibətləri, qohumluq əlaqəsi ola bilər. Əlbəttə, məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda həmin hakimin başqası ilə əvəzlənməsi olduqca düzgündür.
Mən bu maddədəki çox mühüm dəyişikliklərdən birini də qeyd etmək istəyirəm. 437.2.1-ci maddəyə görə hətta bu 5 hakimdən ibarət məhkəmə tərkibi vətəndaşın ərizəsinin geri qaytarılması haqqında qərar qəbul etsə belə, ərizə vermiş şəxs ərizənin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra təkrar müraciət etmək hüququnu özündə saxlayır. Yəni bu qanun vətəndaşa imkan verir ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra Ali Məhkəməyə bir daha müraciət etsin.
Mən belə hesab edirəm ki, bunlar olduqca mütərəqqi dəyişikliklərdir və beynəlxalq təşkilatlar tərəfindən də oldu-qca müsbət dəyərləndiriləcəkdir. Mənə qalsa, bunun müzakirəsinə heç ehtiyac yoxdur. Mən hamını bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, möhtərəm Sədr. Mən də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklərlə bağlı fikirlərimi bildirmək istəyirəm. Amma mən tamam əks istiqamətdə fikir bildirəcəyəm. Əvvəla, hesab edirəm ki, Apellyasiya Məhkəməsindən sonra işə Ali Məhkəmənin, ondan sonra da Konstitusiya Məhkəməsinin baxması, əslində, artıq bir prosedurdur. Dünyanın bir çox ölkələrində apellyasiyadan sonra qüvvəyə minmiş qərarlara yalnız Konstitusiya Məhkəməsində baxılır. Bizdə isə praktiki olaraq Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmə eyni funksiyanı yerinə yetirir. Ali Məhkəmə işin halına baxmır.
İndi burada qeyd olunur ki, ərizəçinin işinə 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Niyə? Sən filan qədər pul ver, işini plenuma çıxaraq deyə vətəndaşdan rüşvət almaq üçünmü? Bunun proseduru çox sadə olmalıdır. Vətəndaş ərizə ilə müraciət edibsə, Ali Məhkəmə birmənalı olaraq bu işə ple-numda ya baxmalı, ya da baxmamalıdır. Yoxsa yeni bir sis-tem formalaşdırılır, ərizəyə 5 nəfər hakim baxır. Hələ bilin-mir ki, vətəndaşın işi həll olunacaq, yoxsa olunmayacaq, onun işini plenuma çıxarmaq üçün rüşvət toplanır.
Azərbaycanda məhkəmə sistemi bərbad vəziyyətdədir. Mən bircə faktı deyirəm. Hörmətli cənab Sədr, mən bu mövzuda bir məsələyə toxunacağam. Çox xahiş edirəm, sözümü kəsməyəsiniz, fikrimi axıra qədər deyim.
Bu günlərdə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı məhkəmə keçirilib. Səhv etmirəmsə, 3 nəfərə ömürlük, 4 nəfərə isə 15 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmənin qərardadında yazılıb ki, terroru təşkil edən Mardin Qumaşyan axtarışdadır və sair. Dəhşətli bir haldır ki, Mardin Qumaşyan kənddə kartof əkir. Müxbir gedir, ondan soruşur ki, sənin haqqında axtarış elan olunubmu, cinayət işi qaldırılıbmı, səni kimsə dindiribmi? Deyir ki, yox. Dəhşətli bir terror hadisəsi baş verib, 7 nəfər ölüb, neçə nəfər yaralanıb, 7 nəfər həbs olunub, bu adam isə heç nə olmayıbmış kimi rahatca gəzib-dolanır, kənddə kartof əkir. Azərbaycan dövləti bu qədər zəifdirmi ki, kənddə kartof əkən bir adamı cinayət məsuliyyətinə cəlb edə bilmir? Bakının mərkəzində terror aktı həyata keçirən, böyük bir ali məktəbə saldırı təşkil edən bir cinayətkar bu gün kənddə kartof əkir. Azərbaycan məhkəmələrinin bərbadlığı buradan başlayır.
Bu məhkəmə sistemi ilə, təbii ki, 5 hakimi 15 hakimlə də əvəz etsək, heç nə dəyişməyəcək. Hesab edirəm, bu cür vasitələrlə vəziyyəti düzəltmək mümkün deyil, bütövlükdə məhkəmə sistemindəki islahatlardan danışmaq lazımdır. Məhkəmə sistemində islahatlar isə, sadəcə olaraq, 1 hakimin 5 hakimlə əvəzlənməsi ilə bitmir.
Vətəndaşın ərizəsinə yenidən baxmaq nə mərhələdir? Vətəndaş ərizə veribsə və onun istəyi qanunidirsə, məhkəmə bu ərizəyə baxmalı və iş üzrə müvafiq qərardad qəbul etməlidir. İndi sual olunur, bundan əvvəl Ali Məhkəmə tərəfindən işə baxılması prosedurunda hansı qanunsuzluq var idi ki, indi biz bu dəyişiklikləri etməklə o qanunsuzluğu aradan qaldırmış oluruq? Sadəcə olaraq, indi 1 hakim əvəzinə 5 ha-kim müəyyən etməlidir ki, bu ərizəçi haqlıdır, ya haqlı deyil, bunun ərizəsi doğru yazılıb, yoxsa yox. Bu nə prosedurdur? Mən hesab edirəm ki, bu, qanunlara da, hüququn özünə də hörmətsizlikdir. Bu tipli qanun dünyanın heç bir yerində yoxdur.
Yenə deyirəm, məhkəmələr Azərbaycanda dövlətə və dövlətçiliyə münasibətdir. Çünki qərar Azərbaycan bayrağı altında çıxarılır, dövlətə və dövlətçiliyə münasibət formalaşdırır. Burada bu tipli hadisələrə qətiyyən yol vermək olmaz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, çox alovlu danışırsan, amma hərdən bir az haşiyəyə çıxırsan. Bir balaca konkret danış. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, icazə versəydiniz, 9-cu və 10-cu məsələlər barədə birgə məruzə edərdim. Çünki həm Cinayət Məcəlləsində, həm də Cəzaların İcrası Məcəlləsində edilən dəyişikliklər eynidir və bir-biri ilə bağlıdır. Amma səsverməni, təbii ki, ayrılıqda keçirəcəyik.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bildiyiniz kimi, bizim Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində azadlığın məhdudlaşdırılması növündə cəza mövcuddur. Bu cəza növü bizim cinayət qanunvericiliyinə 2000-ci ildə daxil edilmişdir və 10 ildir ki, tətbiq olunur. Amma təəssüf olsun ki, azadlığın məhdudlaşdırılması, əslində, formal bir cəza növünə çevrilmişdir. On illik təcrübə onu göstərir ki, belə bir cəza növü, əslində, özünü doğrultmur. Buna görə də qanun-vericilik təşəbbüsü subyekti tərəfindən həm Cinayət Məcəlləsindən, həm də Cəzaların İcrası Məcəlləsindən bu cəza növü ilə bağlı müddəaların çıxarılması təklif olunur.
Məlumat üçün bildirim ki, bu layihə bizim komitəyə xeyli əvvəl daxil olmuşdu. O vaxt parlamentin hüquqşünas millət vəkilləri İlyas müəllim, Fazil müəllim təklif etdilər ki, bu məsələ ilə bağlı bir qədər araşdırmalar aparılsın. Biz belə də etdik. Məsələ Ədliyyə Nazirliyi və qanunvericilik təşəbbüsü subyekti ilə birlikdə bir daha öyrənildi və yenidən komitədə müzakirəyə çıxarıldı. Həmin millət vəkilləri də komitənin iclaslarında iştirak etdilər. Son variantla hamı razılaşdı.
Amma burada təbii bir sual meydana çıxır. Bəs bu cəza növü ləğv olunarsa, o nə ilə əvəz olunacaq? Qanunvericilik təşəbbüsü subyekti bu məsələni də həll edib. Təklif olunur ki, qanunvericilikdə azadlığın məhdudlaşdırılması cərimə və yaxud islah işləri ilə əvəz olunsun.
Həll olunmalı daha bir məsələ hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslərlə bağlıdır. Bu məsələni layihədə təklif olunan “Keçid müddəaları” adlı 2-ci maddə həll edir. Həmin maddədə təklif olunur ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi is-lah işləri və ya cərimə cəzaları ilə əvəz edilsin. Amma bu məsələ də müzakirə predmeti oldu və təklif edildi ki, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslərlə bağlı daha liberal addım atılsın və onlara ancaq cərimə cəzaları tətbiq olunsun. Beləliklə, bu qanunun qəbulundan sonra onun icrası ilə bağlı məsələlər keçid müddəasında ədalətli həllini tapmış olur.
Bir daha vurğulayıram ki, bu məsələ bizim komitədə İnsan hüquqları komitəsinin hüquqşünas üzvləri də cəlb edilməklə çox geniş müzakirə olunmuşdur. Ona görə mən layihənin parlament tərəfindən də qəbul olunmasını xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, Siz dediniz, çox geniş müzakirə olunub. Amma sizin komitənin iki üzvü çıxış etmək istəyir. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Cənab Sədr, mən çıxış üçün təkid etmirəm. Mən yalnız Əli müəllimin bu layihə ilə bağlı mövqeyini müdafiə etmək istəyirdim. Bu, doğrudan da, respublikanın cinayət qanunvericiliyinə yeni ab-hava gətirən bir layihədir.
Hörmətli Əli müəllim artıq qeyd etdi ki, 10 il əvvəl Azərbaycanın cinayət qanunvericiliyində belə bir cəza növü olmayıb. Azadlığın məhdudlaşdırılması adında cəza birinci çağırış Azərbaycan parlamentinin cinayət qanunvericiliyinə gətirdiyi cəza növüdür.
Bugünkü Cinayət Məcəlləsi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minib. Həmin vaxt məcburi əməyə cəlb etmə adında bir cəza var idi. Maddi məsələlərlə, cərimə ilə, vurulmuş zi-yanın ödənilməsi ilə bağlı çox gözəl bir cəza növü idi. Məhkum vurduğu ziyanı burada qazandığı məbləğlə ödəyə bilərdi. Amma əfsuslar olsun ki, birinci çağırış dövründə həmin cinayət cəzası qanunvericilikdən çıxarıldı və yeni bir cinayət cəzası, yəni azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz ol-undu. Xalq arasında bu cəza bəzən azadlıqdan məhrumetmə cəzası ilə dəyişik salınırdı. Çox adam heç bilmirdi ki, azad-lığın məhdudlaşdırılması nədir, azadlıqdan məhrumetmə nədir. Onun tətbiqi prosesində də çox böyük problemlər mey-dana çıxırdı. Bunu hörmətli Əli müəllim çox geniş izah etdi.
Düzdür, nəzəri baxımdan bəlkə də azadlıqdan məhrumetmə cəzasından daha yüngül bir cəzaya – azadlığın məhdudlaşdırılması növündə cəzaya ehtiyac var. Lakin biz bilirik ki, hər bir nəzəriyyənin həyata tətbiqi uğurlu olmur. Bu baxım-dan azadlığın məhdudlaşdırılması cəzasının da praktikada tətbiqi özünü doğrultmadı. Ona görə mən onun qanunvericilikdən çıxarılmasının tərəfdarıyam.
Bu layihədə bir vacib məsələ də cəzadan şərti olaraq vaxtından əvvəl azadetmənin yeni qaydasının müəyyən olunmasıdır. Bu gün qüvvədə olan cinayət qanunvericiliyinə görə, ağır cinayət törətmiş şəxs təyin olunan cəzanın üçdə iki hissəsini çəkəndən sonra onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi prosesinə başlamaq olar. Amma layihədə cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə şərti dəyişdirilir və ağır cinayət törətmiş şəxs cəzanın dörddə üç hissəsini çəkəndən sonra belə bir prosedur məsələyə başlamaq qaydası müəyyən olunur. Mən düşünürəm ki, bu tamamilə düzgündür. Çünki ağır cinayət törətmiş bir insanın cəzasının üçdə iki hissəsini çəkəndən sonra yenidən cəmiyyətə buraxılması cəzanın ən vacib iki vəzifəsinin – məhkumun islah olunması və onun törədə biləcəyi yeni cinayətlərin qarşısının alınması vəzifələrinin həyata keçirilməsinə uyğun deyildir. Bu baxım-dan ağır cinayət törətmiş şəxslər barədə yeni qaydanın müəyyən olunması alqışlanmalı haldır.
Bundan başqa, layihədə daha bir qaydanın müəyyən ol-unması tövsiyə olunur. Bu qaydaya görə, residivistlərin də cəzanın dörddə üç hissəsini çəkəndən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi hüququ meydana çıxır. İndiyə qədər bu, Azərbaycan qanunvericiliyində olmayıb.
Düşünürəm ki, ölkə Prezident tərəfindən çox düzgün olaraq qanunvericilik təşəbbüsü qaydasında belə bir layihə müzakirəyə təqdim olunub. Mən hörmətli həmkarlarımdan bu layihənin qəbul olunmasına səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun. Mən də, əslində, bu qanun layihəsinin müdafiəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Düzdür, Əli müəllim bu haqda kifayət qədər məlumat verdi. Ancaq azadlığın məhdudlaşdırılması növündə cəza barədə burada deyilənlərə bir neçə əlavə etmək istəyirəm.
Əvvəla, Cinayət Məcəlləsinin “Cəzanın növləri” adlı 42-ci maddəsində 13 cəza növü müəyyən olunub ki, bunlardan da biri azadlığın məhdudlaşdırılmasıdır. Cinayət Məcəlləsinin 53-cü maddəsi məhz bu cəza növünə həsr olunub. Məlumat üçün bildirim ki, bu cəza növü ilk dəfə cinayət törədənlərə, ehtiyac üzündən cinayət törədənlərə və 5 ilə qədər həbs cəzası almış şəxslərə tətbiq olunurdu.
Azadlığın məhdudlaşdırılması, əslində, nə idi? Bu cəzaya məhkum edilmiş şəxslər müəyyən bir məntəqə ərazisində 5 kilometr radiusda yalnız yataq yerləri və sair həmin radius-dan kənarda olmamaq şərti ilə sərbəst hərəkət edə bilirdilər. Amma doğrudan da, sonralar praktika göstərdi ki, bu cəza növünə ehtiyac yoxdur. Əslində, bu cəzaya məhkum edilmiş şəxslər azadlığın məhdudlaşdırılması növündə cəzanı həyata keçirən məntəqə tipli cəzaçəkmə müəssisələrində qalmır, orada razılaşdırmaqla həmin radiusdan kənara çıxır və bəzən də aylarla evlərində olurdular. Bu baxımdan Ədliyyə Nazir-liyi tərəfindən bu cəza növünün ləğvi barədə məsələnin qaldırılması başa düşüləndir.
Doğrudur, müzakirələr zamanı bizi çox düşündürürdü ki, bəs adekvat olan hansı cəza növləri təklif olunacaq. Gördüyünüz kimi, bu gün layihədə təklif olunur ki, bu cəza növü daha yüngül cəza növləri olan cərimə və islah işləri ilə əvəz olunsun. Cinayət Məcəlləsində həm cərimə, həm də islah işləri azadlığın məhdudlaşdırılmasından xeyli yüngül cəza növü kimi qeyd olunur.
Bu layihədə humanizm prinsipi əsas götürülüb. Azadlığın məhdudlaşdırılmasının daha yüngül cəzalar olan islah işləri və ya cərimə cəzası ilə, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslərin cəzasının çəkilməmiş hissəsinin isə cərimə cəzası ilə əvəz edilməsi humanizmin təntənəsidir. Mən hesab edirəm ki, təkcə bu maddə deyil, layihədə təklif olunan bütün əlavə və dəyişikliklər hu-manizm nöqteyi-nəzərindən müsbət dəyərləndirilməlidir. Mən həmkarlarımı bu qanun layihəsinin qəbul olunmasına səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun. Mən də bu cəza növünün Cinayət Məcəlləsindən çıxarılmasının tərəfdarıyam. Bu baxımdan Əli müəllimin gətirdiyi bütün dəlillərlə razıyam. Doğrudan da, bu cəza növü təcrübədə özünü doğrultmadı. Təcrübə də hər şeyin meyarıdır.
Amma mən bu cəza növünün cərimə cəzası ilə əvəz olunmasının tərəfdarı deyiləm. Xüsusilə də şəxsiyyət əleyhinə olan cinayətlərə görə cərimə cəzasının nəzərdə tutulması heç cür başa düşülən deyil. Cərimə cəzasına yarandığı vaxtdan həbsxanaların və digər cəzaçəkmə müəssisələrinin tikilməsi üçün əlavə gəlir mənbəyi kimi baxılır. Biz cərimə cəzasına gəlir mənbəyi kimi baxa bilmərik. Hər bir cəza növü kimi cərimə cəzasına da cəzaların məqsədləri, yəni sosial ədalətin bərpası, məhkumların islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından yanaşmalıyıq.
İndi gəlin görək şəxsiyyət əleyhinə olan cinayətlərə görə cərimə cəzası bu məqsədlərə xidmət edirmi? İnsanların maddi vəziyyəti müxtəlifdir. Cərimə cəzası ancaq maddi vəziyyəti çox çətin olan insanlara təsir edir, maddi vəziyyəti yüksək olan insanlara heç bir təsir göstərmir. Ədalət prinsipi bərpa olunmur və cinayətkarın düşüncəsində belə fikir yaranır ki, pul verməklə məsuliyyətdən qurtarmaq olar. Buna bir növ cinayətə görə vergitutma kimi baxılır.
Digər tərəfdən, hər bir cinayətkar öz əməlinə görə cəzasını özü çəkməlidir. Onun heç bir yaxını və qohumu bu cəzanın təsirinə məruz qalmamalıdır. Cərimə cəzası tətbiq olu-nanda cinayətkarın özü ilə yanaşı, onun ailə üzvləri, yaxınları da məhrumiyyətlərə düçar olurlar. Odur ki, cərimə cəzasını qətiyyən şəxsiyyət əleyhinə olan cinayətlərə görə nəzərdə tutmaq olmaz. Belə cinayətlərin sahəsi olduqca çoxdur. Biz gələcəkdə bunu aradan qaldırmalıyıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. İndi 9-cu məsələyə – Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 108
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ – Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bununla da yaz sessiyasının son iclası başa çatdı. 2011-ci ilin yaz sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)