30.09.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ

PROTOKOLU № 20

Milli Məclisin iclas salonu.
30 sentyabr 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 112
Yetərsay 83


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011–2015-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası və Rumıniya arasında  Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq  haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Fazil Mustafa, İlyas İsmayılov, Etibar Hüseynov, Qənirə Paşayeva, Fərəc Quliyev, Fəzail Ağamalı, İqbal Ağazadə, Siyavuş Novruzov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə        108
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   108
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, İqbal Ağazadə, Fazil Mustafa, Hikmət Atayev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Ziyafət Əsgərov, Asim Mollazadə, Elmira Axundova, Fuad Muradov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Hikmət Atayev, Eldar İbrahimov, Aydın Mirzəzadə
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə        105
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 1
İştirak edir   106
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə        104
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 1
İştirak edir   105
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011–2015-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə        105
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   105
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası və Rumıniya arasında  Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə        104
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   104
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə        103
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə        101
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   101
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə        103
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə        105
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   105
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə        101
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   101
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə        103
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi


11. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə        103
Əleyhinə     1
Bitərəf         0
Səs verməd 0
İştirak edir   104
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq  haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə        103
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi
13. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə        102
Əleyhinə     1
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə        102
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 1
İştirak edir   103
Nəticə: Qəbul edildi

15. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə        103
Əleyhinə     0
Bitərəf         0
Səs verməd 0
İştirak edir   103
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Çingiz Qənizadə, Leyla Abdullayeva, Eldar İbrahimov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə         99
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə    97
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə         91
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Vahid Əhmədov, Fazil Mustafa, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Eldar İbrahimov, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.16 dəq.)
Lehinə         89
Əleyhinə 2
Bitərəf         2
Səs verməd 0
İştirak edir    93
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə         88
Əleyhinə 0
Bitərəf         1
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.29 dəq.)
Lehinə         90
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.32 dəq.)
Lehinə         87
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.34 dəq.)
Lehinə         92
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

24. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Elmira Axundova, Gülər Əhmədova, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.47 dəq.)
Lehinə         99
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

25. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.47 dəq.)
Lehinə         89
Əleyhinə 1
Bitərəf         1
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

26. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.48 dəq.)
Lehinə         89
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

27. Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.49 dəq.)
Lehinə         96
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 


MİLLİ MƏCLİSİN İCLASI

30 sentyabr 2011-c il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, Milli Məclisin 2011-ci il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Payız sessiyasının başlanması münasibətilə sizi təbrik edir, bu sessiyada hamınıza uğurlu iş arzulayıram!
Milli Məclis 2011-ci ilin yaz və növbədənkənar sessiyalarında uğurla işləmişdir. Bu dövrdə 14 iclas keçirilmiş, 139 qanun və qərar qəbul edilmişdir.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir. 
Mən tam səmimiyyətlə söyləyə bilərəm ki, bu sessiyalar dövründə bizim millət vəkilləri ölkənin ictimai-siyasi həyatında çox böyük rol oynamışlar. Onlar öz seçiciləri ilə görüşmüş, qaldırılan problemləri həll etmək üçün səy göstərmişlər.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Milli Məclisin üzv olduğu parlament təşkilatları sırasına yeni bir qurum da daxil olmuşdur. Azərbaycan parlamentinin iştirakı ilə “AVRONEST” Parlament Assambleyası təsis edilmişdir. Bu il sentyabrın 15-də bu təşkilatın ilk plenar iclası keçirilmişdir. Biz çox sevinirik ki, “AVRONEST”  Parlament Assambleyasının ikinci plenar iclası gələn ilin aprel ayında Bakıda keçiriləcəkdir.
Bildiyiniz kimi, bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin Bakıda 37-ci iclası keçirilmiş və Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva bu komitənin sədri vəzifəsinə seçilmişdir. Bir neçə gündən sonra parlamentimizdə MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri daimi komissiyasının iclası, eyni zamanda, beynəlxalq müşahidəçilər üçün “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda seminar keçiriləcəkdir.
Ümumiyyətlə, payız sessiyasında beynəlxalq əlaqələrin inkişafı istiqamətində çox işlər görüləcəkdir. Oktyabr ayının 10–11-də Milli Məclisin binasında GUAM Parlament Assambleyasının və Baltika Parlament Assambleyasının təşəbbüsü ilə beynəlxalq konfrans keçiriləcəkdir. Bu konfransda Benilüks Parlamenti, Şimal Şurası, “Vişeqrad qrupu”, MDB-nin Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.
Noyabrın 2–4-də yenə də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq əlaqələr komissiyasının iclası  keçiriləcəkdir. Qeyd edim ki, bu, TürkPA-nın ilk komissiya iclasıdır. Dekabrın əvvəllərində isə Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının  komissiya iclası keçiriləcəkdir. Bunlar hamısı Milli Məclisin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət edən əhəmiyyətli tədbirlərdir.
Hörmətli millət vəkilləri, hesab edirəm ki, ötən sessiyalarda parlamentimizin səmərəli işləməsi 2011-ci ilin payız sessiyasında da fəaliyyətimizin uğurlu olmasına əlverişli zəmin yaratmışdır. Mən bu sessiyada sizin hamınızı fəal iştirak eləməyə çağırır və hamınıza bir daha uğurlar arzulayıram.
Hörmətli millət vəkilləri, Milli Məclis öz işinə başlayır. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 112
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik. Gündəlik sizə təqdim olunub. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə        108
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Gündəlik qəbul olundu. Təşəkkür edirəm. Gündəliyi müzakirə etməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Xahiş edirəm, yazılın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, mən də Sizə qoşularaq hər bir həmkarıma qarşıdakı payız sessiyası dönəmində millət naminə can sağlığı şəraiti ilə çalışmağı arzulayıram. Heç şübhəsiz ki, ötən tətil müddətində parlament üzvləri üzərlərinə düşən vəzifələri müxtəlif səviyyədə yerinə yetirməyə çalışmışlar. Bununla belə, ölkə həyatında və  beynəlxalq münasibətlər sistemində elə hadisələr baş verib ki, onlara parlamentin payız sessiyasında münasibət bildirmək vacibdir.
Cənab Sədr, mən dövlət sirrinin qorunması məsələsini bir daha  gündəmə gətirmək istəyirəm. Dünyada dövlət əhəmiyyətli məxfi informasiyanın qorunması atom silahının qorunması qədər vacib  əhəmiyyətə malikdir. Bunu kimsə mübahisə predmetinə çevirməz. Hər kəsə yaxşı bəllidir ki, bu dönəmdə məxfi yazışmaların açıqlanması  beynəlxalq münasibətlər sisteminə, ölkələrin reputasiyasına necə təsir göstərir. Belə olan təqdirdə biz “Dövlət sirri haqqında” Qanuna bir daha  baxmalıyıq.
Mən on illərdir ki, ictimai və siyasi həyatda varam. Bu dövr ərzində Azərbaycan içərisində bir dəfə də olsun, kəşfiyyat və əks-kəşfiyyat xidmətində kiminsə məsuliyyətə cəlb olunduğunu görməmişəm. Bu o demək deyil ki, ölkədə belə bir fəaliyyət mövcud deyil. Mən tam məsuliyyətlə deyirəm ki, Azərbaycanın içərisində, məsələn, insan haqları qurumlarında,  bəlkə lap hökumət və partiya qurumlarında da keçmiş dövrdəkindən fərqli, yəni kəşfiyyatçı kimi, casus kimi yox, daha artıq dərəcədə lobbi qrupları, təhsil agentləri şəklində qüvvələr mövcud olmaqdadır. Bu, ölkələrin hər birinin daxili həyatını öyrənmək üçün, ayrı-ayrı qruplarla məxfi əlaqələr saxlamaq üçün mühüm bir xəttə, mühüm bir istiqamətə çevrilib. Belə olan təqdirdə biz dövlət sirləri ilə əlaqəsi olan, belə sirlərin yayılmaması üçün məsuliyyət daşıyan insanların çevrəsini bir daha dəqiq müəyyənləşdirməliyik. Onlar tutduqları vəzifələrdən asılı olmayaraq, dövlət sirrinin qorunması üçün ciddi məsuliyyət daşımalıdırlar. Çünki hər bir ölkənin milli maraqları, milli təhlükəsizliyi o informasiyaların qorunmasını tələb eləyir.
Mən elə buradaca İnformasiya təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını təklif edirəm. Hər bir ölkənin informasiya məkanının qorunması onun dövlət sərhədlərinin qorunması qədər vacibdir. İnformasiya məkanının işğala məruz qalması ölkənin milli maraqlarını, siyasi həyatını da, iqtisadiyyatını da təhdid eləyir. Belə olan təqdirdə biz yol verə bilmərik ki, ərazimizin 20 faizi işğal olunubsa, üstəlik informasiya ərazimizin də 30–40, bəzən 50 faizi işğal edilmiş olsun. Bu gün biz Azərbaycan maraqlarına müxtəlif müstəvilərdə edilən hücumların şahidi oluruq. Ona görə mən təklif edirəm ki, parlamentdə belə bir qanun  qəbul olunsun.
Sədrlik edən. Sən əvvəlcə o qanun layihəsini hazırla, sonra təklif ver. Biz həmişə demişik ki, hər hansı bir qanun layihəsi təklif edirsənsə, onu hazırlayıb verməlisən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibətilə bütün həmkarlarıma uğurlar arzulayıram.
Oqtay müəllim, bu gün mən iki vacib məsələyə toxunmaq istəyirəm. Birinci, Azərbaycanda son vaxtlar vəkillik institutunun sıradan çıxarılması ilə bağlı tendensiyadan doğan narahatçılığımı dilə gətirmək istəyirəm. Bu qədər vəkilin müxtəlif formalarda Vəkillər Kollegiyası tərəfindən öz peşəsindən uzaqlaşdırılması, fikrimcə, məhkəmə hakimiyyətinin sarsılmasına xidmət eləyən hərəkətdir. Vəkil hakimin və ya dövlət ittihamçısının mövqeyindən çıxış edə bilməz ki. Əvvəl-axır o, tutulan şəxsləri müstəqil şəkildə müdafiə eləməlidir. Ona görə də vəkillərə qarşı təzyiqləri, məncə, dayandırmaq lazımdır. Bu, birbaşa məhkəmə hakimiyyətini zədələyən hərəkətlər kimi qiymətləndirilməlidir. Bəlkə elə problem Vəkillər Kollegiyasının  özündədir. Bəlkə onun rəhbərliyində bir dəyişiklik edilməlidir ki, özü öz vəkillərini bu qədər istintaq orqanlarının və başqa orqanların ağzına atmasın və onları qoruya bilsin. Bu, olduqca vacib məsələdir və mən bu məsələyə diqqət yönəltməyi məqsədəuyğun sayıram.
İkinci, qarşıdan Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi gəlir.  Mən hesab edirəm ki, bu 20 illik təkcə xatırlanacaq tarix, qeyd olunacaq yubiley  deyil, həm də cəmiyyətiçi bir barışığın, uzlaşmanın, müəyyən dərəcədə tarixə sayğı ilə yanaşmanın dəyərləndirilməsi üçün yaranan bir fürsətdir.
Dövlət müstəqilliyinin qazanılmasında rolu olmuş şəxslərin bir qismi –  Arif Hacılı, Nemət Pənahlı və başqaları bu gün istintaq altında, yaxud həbsxanadadır. Mən demirəm, kimin günahı var və ya yoxdur, kimin günahı az və ya çoxdur. Mən deyirəm, elə insani addımlar var ki, onu anında atmaq lazımdır. Ötən günlərdə Azərbaycanın keçmiş Prezidenti Mütəllibovun Bakıya gəlməsi ilə bağlı cənab İlham Əliyevin atdığı addım, Mehriban xanımın atdığı addım cəmiyyət tərəfindən çox yüksək qiymətləndirildi. Mütəllibovun oğlunun rəhmətə getməsi ilə bağlı atılan ad-dımı deyirəm. Məncə, bu addımları atmaqdan çəkinmək lazım deyil. Bunlar hakimiyyətə ancaq nüfuz gətirə bilən addımlardır. Qeyd edim ki, Ombudsman tərəfindən də am-nistiya ilə bağlı müraciət olunmuşdur. Hər halda Azərbaycanın müstəqilliyinin 20 illik yubileyinin qeyd edildiyi ərəfədə, –siyasi motivləri demirəm, – mitinqlərə və bu kimi başqa motivlərə görə həbs edilmiş insanların həbsdən azad olunması istiqamətində addım atılması, məncə, normal humanist bir jest olardı. Mən istərdim ki, dövlət rəhbərliyi bu istiqamətdə də müəyyən tədbirlər görməkdə gecikməsin. 
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov.  Əvvəlcə qeyd edim ki, mən Fazil müəllimin dedikləri ilə tam şərikəm, onu dəstəkləyirəm.
Mənim iki təklifim var. “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılması zərurəti çoxdan müzakirə ol-unurdu və gözlənilirdi ki, qanun Milli Məclisin payız sessi-yasına çıxarılacaq, müzakirə olunacaq. Ancaq təəssüf ki, bu məsələ sessiyanın gündəliyində  yoxdur. Çox istərdim ki, o, müzakirəyə çıxarılsın.
İkinci, hər bir xalqın, hər bir dövlətin həyatında elə hadisələr olur ki, xalqın, dövlətin varlığı və sonrakı inkişafı o hadisələrlə birbaşa bağlı olur. Ona görə də bunlar taleyüklü hadisələr adlanır. Hesab edirəm ki, belə bir taleyüklü hadisə – bizim bugünkü varlığımızın və inkişafımızın əsasını qoyan, onu təmin eləyən hadisə 1918-ci il sentyabrın 15-də baş vermiş,  Bakı düşmənlərdən azad olunmuşdur. Biz bilirik ki, o vaxt erməni qəsbkarları və onların bəlli havadarları Bakıda soyqırımı törədib müsəlman əhalisinin sayını azaltmaqla Bakını Azərbaycandan qopartmaq istəyirdilər. O vaxt həmvətənlərimiz böyük qəhrəmanlıq göstərərək Bakını bizə qaytardılar. Bizim bugünkü inkişafımız, varlığımız da həmin o hadisə ilə bağlıdır. Ona görə mən təklif edərdim ki, 15 sentyabr milli bayramımız hesab olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyasi partiyalar haqqında qanun  layihəsi üzərində komitələrdə iş gedir. Hazır olanda təqdim olunacaq. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də hər birinizi salamlayıram. Çıxışa başlamazdan əvvəl istərdim ki, həmkarımız hörmətli Rəbiyyət xanım Aslanovanı “Şöhrət” ordeni alması münasibətilə təbrik eləyim. Ötən aylar ərzində bir neçə deputatımızın yubileyləri olub. Bu münasibətlə də onları təbrik edirəm.
Hörmətli Sədr, mən bir məsələyə toxunmaq istərdim. Sizdən xahiş edirəm ki, sonda bu təklifimə bir cümlə ilə də olsa, münasibət bildirəsiniz.
Milli Məclisin keçən iclaslarında bir sıra hörmətli millət vəkilləri bir dəqiqəlik sükut təklifi ilə çıxış etmişdilər. Bu, ümumən, qəbul olunmuş  bir hal olsa da, bizdə bu prosedur bir çox hallarda  pərakəndə halda keçirilir. Yəni millət vəkilləri bu təkliflə çox vaxt iclasın ortasında və ya sonunda çıxış edirlər ki, bu da iclasın ümumi ab-havasına, axarına təsir edir və  həm millət vəkillərinin, həm də bir çox hallarda sədarətin haqlı narazılığına səbəb olur.
Ona görə hesab edirəm ki, bu cür təkliflərlə yalnız Milli Məclisin Sədri və ya onun müavinləri çıxış edə bilərlər. Çünki Azərbaycan tarixinin uzaq deyil, elə yaxın keçmişini araşdırsaq, bizim təqvimdə çox az günümüz tapılar ki, orada bir dəqiqəlik sükut ilə yad ediləsi bir  hadisəmiz və ya insanımız olmasın. Biz  bunların hamısını bir dəqiqəlik sükut  ilə qeyd etməli olsaq, hər iclasda gərək bir neçə dəfə oturub durmaqla məşğul olaq ki, bu da bayaq qeyd etdiyim kimi, iclasın ümumi ab-havasına, axarına öz təsirini göstərmiş olacaq.  
Bu gün tək paytaxtda deyil, bütün ölkədə  hər hansı işğal hadisəsi və ya ayrı-ayrı şəxslərin xatirəsinə həsr olunmuş anım gecələri və ya müxtəlif tədbirlər keçirilir, televiziyada və radioda verilişlər hazırlanır, mətbuatda geniş yazılar dərc olunur. Mən hesab edirəm, bunun Milli Məclisdə də qeyd olunmasına ehtiyac yoxdur. Amma  iclasın gündəliyində işğal olunmuş ərazilərimiz, qaçqınlar və ya milli qəhrəmanlarımızla bağlı hər hansı qanun layihəs varsa, onun müzakirəsinə keçməmişdən əvvəl bir dəqiqəlik sükut elan oluna bilər. Ona görə də mən təklif edirəm  ki, çıxış etmək xətrinə deyil, sidq ürəkdən hansısa hadisənin və ya insanın yad olunmasını istəyən millət vəkili iclasın əvvəlində bu təklifini yazılı şəkildə sədarətə bildirsin və sədarət də məsləhət bildiyi halları müəyyənləşdirib iclasın əvvəlində bir dəqiqəlik sükut elan etsin.
Sədrlik edən. Çox sağ olun. Təklifiniz düzgün təklifdir. Həqiqətən, iclasın ortasında kimsə durub təklif edir. Bu, etik cəhətdən düz deyil. Bizim millət vəkillərinin təltifi ilə bağlı məsələyə gəldikdə isə cənab Prezident tərəfindən onlara verilən ordenlər çox yerinə düşdü. Elə bu gün cənab Prezidentin tapşırığı ilə dörd millət vəkilimizə həmin ordenləri təqdim edəcəyik. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bütün həmkarlarımı sessiyanın başlanması münasibətilə təbrik edirəm. 
Çox xahiş edirəm ki, mənim buradakı çıxışım heç bir ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməsin. Mən özümə borc bildim ki,  mətbuat və media ilə yanaşı, parlamentdə də çıxış edim, bu fikirləri səsləndirim. Söhbət İranda – Cənubi Azərbaycanda yaşayan  soydaşlarımızdan gedir. Urmiya gölü ətrafında baş verən hadisələrlə bağlı bizə hər gün məlumatlar gəlir və biz görürük ki, İranda milyonlarla soydaşımızın taleyi ciddi şəkildə sual altına düşüb. Söhbət Urmiya gölünün quruması və ya qurudulmasından gedir. Urmiya gölü sürətlə quruyur və bu orada, ətraf regionlarda yaşayan milyonlarla azərbaycanlının həyatı üçün ciddi təhlükə yaradır.
Mən buradan İran parlamentinə, oradakı həmkarlarımıza səslənmək istəyirəm, oradakı azərbaycanlıların ekoloji, sosial tələblərini eşidin. O insanlar  bu məsələləri dəfələrlə qaldırır, amma onların səsi nəinki eşidilmir, onlara qarşı repressiyalar həyata keçirilir. Urmiya gölü ilə bağlı problemlərin həllinə biganə münasibətə etiraz edən azərbaycanlılar həbsxanalara doldurulur, onlara işgəncələr verilir. Kim səsini çıxarır, etiraz edirsə, onlara və ailələrinə qarşı ciddi repressiyalar həyata keçirilir. Bu dayandırılmalıdır. Buna son verilməlidir. Bu bizim də çağırışımızdır, çünki oradakı milyonlarla soydaşımızın həyatına birbaşa aid olan məsələdir.
Dünyada belə bir dövlət yoxdur ki, əhalisinin yarısı bir millətin nümayəndəsi olsun, amma o millətin nümayəndələri öz ana dilində nə ibtidai, nə orta, nə də ali təhsil ala bilsin və mədəni hüquqları bu şəkildə pozulsun. Bütün bunlardan sonra azərbaycanlılara qarşı törədilən  bu repressiyalar yolverilməzdir.
Mən dünyanın hər yerində bir insan haqqı pozulanda səsini çıxaran, amma milyonlarla insanın pozulan hüquqlarına biganə qalan beynəlxalq təşkilatlara da səslənirəm. O insanların haqlı tələblərini eşitmək lazımdır. Mən İran rəsmilərinə, parlamentinə Urmiya gölünün problemlərinin həlli üçün maliyyə mənbələrini də göstərmək istəyirəm. Azərbaycan əleyhinə işləmək üçün “Səhər” kanalına və müəyyən təşkilatlara verdiyiniz pulları elə Urmiya gölünün problemlərini həll etməyə sərf etsəniz...
Sədrlik edən. Qənirə xanım, birincisi, biz gündəliyi müzakirə edirik, Siz keçmisiniz başqa məsələlərə. Müraciətin forması var, yazmaq olar. Hamınızdan xahiş edirəm, gündəliyin müzakirəsində başqa məsələləri müzakirəyə çıxarmayın. Hər bir deputatın ixtiyarı var, hər yerə müraciət eləsin. Ancaq tribunadan başqa cür istifadə eləmək lazım deyil. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Sizi və xalqımızı müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik edirəm. Hesab edirəm ki, sovet imperiyasının saxlanması üçün referendum keçirilməsi əleyhinə olmuş 43 istiqlalçı deputat haqqında Milli Məclisdə müvafiq bir sənədin qəbul olunması bu günlərdə çox əhəmiyyətli olar. Nəzərinizə  çatdırım ki, onlardan cəmi 29-u indi sağdır. Müstəqillik aktını qəbul edərək 1918–1920-ci illərdə mövcud olmuş demokratik cümhuriyyətin varisi olduğumuzu elan etdik. Mən hesab edirəm ki, demokratik cümhuriyyətin parlament və hökumət üzvlərinin xatirəsinə abidə kompleksinin qoyulması təşəbbüsü ilə çıxış eləsək, yerinə düşmüş olar.
Mən payız sessiyasında sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində də müəyyən qanunvericilik aktlarının qəbulunun vacibliyini düşünürəm. Heç kimə sirr deyil ki, dövlətin maliyyə nəzarətindən sivişib çıxan və buna baxmayaraq, bazarın böyüməsində əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmadan  sosial bərabərliyə nail olmaq mümkün deyil. Əldə edilmiş qanunsuz gəlirlər müxtəlif sferalarda istifadə olunur və təbii ki, əmtəə-pul münasibətləri sistemini əmələ gətirir.
Məsələ burasındadır ki, rəsmi statistikada ölkənin ümummilli məhsuluna daxil edilməyən iqtisadi fəaliyyətin bütün məcmusunu bazarın vəziyyəti müəyyənləşdirir. Bazarın  bugünkü vəziyyəti isə ortadadır. Tədarük və istehsal parametrlərinə, bazarla sosial həyata psevdodövlət və psevdoşəxsi korporasiyaların təsir imkanlarını minimuma endirmək üçün səylə çalışmağımız lazımdır. Dövlətin inkişaf dinamikasında, maliyyədə disproporsiyaların artmasına qarşı müəyyən addımlar atılmalıdır. Əks təqdirdə inhisarlaşdırılmış sahənin əl-qolunun açılması inhisarlaşdırılmamış sahədə əldə olunmuş resurslar, idarəetmə, texnologiyalar baxımından  defisit yaradır. İnhisarçılığın xeyrinə davamlı əyiliş isə sosial bərabərsizlik üçün əsas şərtdir. Bu bölücü iqtisadi münasibət cəmiyyətdə iki qeyri-bərabər hissəyə parçalanmaya səbəb olub. İndi iqtisadiyyatımızda iki sektor var – imtiyazlı, güclü, korporativləşdirilmiş sektor və tənəzzül eləyən qeyri-inhisarçı sektor.
Mən hesab edirəm ki, cəmiyyətin bölünməsinin və sosial bərabərsizliyin aradan qaldırılması üçün  biz payız sessiyasında müzakirələr aparmalı və müvafiq qanunlar qəbul eləməliyik. Elə  bu istiqamətdə, bu mənada sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsi gündəliyə salınsa, çox yaxşı olar.
Düşünürəm ki, son dönəmlərdə cənab Prezidentin müraciətlərini, bəyanatlarını və regional məsələlərdə yeni səhifələr açılmasını nəzərə alsaq, parlamentdə Qarabağ  məsələsi ilə bağlı dinləmələr keçirsək, – mən bunu keçən sessiyada təklif eləmişdim, – bu məsələləri gündəliyə salsaq, yerinə düşər.
Mən bir daha sizə təşəkkür edir və Qənirə xanıma da təşəkkürümü çatdırıb onun bütün fikirlərini dəstəklədiyimi bildirirəm.   Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı.  Hörmətli millət vəkilləri, mən də payız sessiyasının başlanması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, şərəfli və çətin işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Mən Qənirə Paşayevanın çıxışını dəstəkləyirəm, fikirlərini tamamilə bölüşürəm. Onun söyləmiş olduğu fikirlər həqiqəti özündə ehtiva edir. Mən bu çıxışda səslənən  siyasi motivləri bir kənara qoyuram. Sadəcə olaraq, Urmiya gölünün quruması 5700 kvadrat kilometr ərazidə böyük fəlakət yaradacaq. Həmin göl artıq 7 metr quruyub. 157 hektar sahə duzlağa çevrilib. Bu proses davam etsə, yaxın iki-üç ildən sonra Azərbaycan da daxil olmaqla biz duz tozunun içərisində məhv olacağıq. Bu həqiqətdir. Bununla bağlı artıq ayrı-ayrı ekspertlər, ekoloqlar həyəcan təbili çalırlar. O gölün quruması davam edərsə, orada 10 milyon insan böyük fəlakətə məruz qalacaq, yerini dəyişməli olacaqdır.
Biz İranla qonşu ölkəyik. Həmin ekoloji fəlakət Azərbaycanı da bürüyəcək. İranın Naxçıvanla sərhədi təxminən 150 kilometrdir. Azərbaycan da həmin arealın içərisindədir. Biz, sadəcə olaraq, həyəcan təbilinin vurulmasında fəal iştirak etməliyik.
Hörmətli cənab Sədr, mən təklif edirəm, biz parlament olaraq İran parlamentinə müraciət edək ki, bu  fəlakətin qarşısını almaq üçün  öz səylərini artırsın. İranın Azərbaycandan bununla bağlı hər hansı bir köməyə ehtiyacı olarsa, biz yəqin ki, bu köməyi əsirgəməyəcəyik. Buna qarşı biz hökmən bir addım atmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə.  Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibətilə bütün millət vəkillərini təbrik edirəm. Hesab edirəm, uğurlu fəaliyyətlə millətimizə, dövlətimizə ciddi töhfə verəcəyik. Məndən əvvəl bir sıra məsələlər qaldırıldı. Milli Məclisin payız sessiyasının iş planı barədə danışılanda əlavə və təkliflərimi bildirəcəyəm. İndi iki məsələyə münasibətimi bildirmək istəyirəm.
Tez-tez mətbuat səhifələrindən, Milli Məclisin tribunalarından hörmətli iqtidar nümayəndələri, iqtidardan olan millət vəkilləri beynəlxalq təşkilatların Azərbaycana münasibətdə qərəzli olduğu, ölkəmizdə insan haqlarının pozulması, korrupsiya, rüşvətxorluq halları ilə bağlı fərqli məlumatlar yaydığı barədə məlumat verirlər. Amma təəssüflər olsun ki, Azərbaycanda gedən prosesləri, daxildə baş verən həbsləri nəzərə almırlar.
Uzun müddətdir ki, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Arif Hacılı başda olmaqla 2 aprel aksiyasında həbs olunan çoxsaylı insan istintaq altındadır və ya artıq onlara hökm oxunub. Hesab edirəm ki, Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd etdiyi bir vaxtda insanları bu tipli ittihamlarla həbsxanalarda saxlamaq və yaxud istintaq gedən müddətdə belə onlar haqqında həbs qətimkan tədbiri seçmək Azərbaycan məhkəmə sistemi haqqında obyektiv bir məlumat yaradır.
Bu insanlar tezliklə həbsdən azad olunmalıdırlar. Bu insanlar həbsdən azad olunmazsa, sabah beynəlxalq hesabatların hər birində Azərbaycan ciddi şəkildə ittiham olunacaq. Onların hər biri siyasi dustaq, vicdan məhbusu kimi qeyd olunacaq və bunu heç kim nə qeyd etməyindən asılı olmayaraq dəyişə bilməyəcək. Dünyada artıq bu şəkildə təqdim olunub, Avropa Şurası, Avropa Birliyi bu barədə bəyanat verib. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu həbslərə münasibətini bildirib. Hesab edirəm, müstəqilliyin 20 illiyi ilə əlaqədar Azərbaycan hökuməti də, Azərbaycan iqtidarı da bununla bağlı düşünməlidir və bu insanların hamısı dərhal həbsdən azad olunmalıdır.
Həbsdən azad olunanların hüquqlarını müdafiə eləyən vəkillərə qarşı isə çox təəssüflər olsun ki, Azər Tağıyev adlı birisi hər gün bir qondarma ittiham irəli sürür. Osman Kazımov haqqında verdiyi qərar... Ondan sonra, Xalid Bağırov, Elçin Namazov, Elçin Rüstəmov haqqında elə qondarma şeylər yazır, göndərir... Vəkillər Kollegiyası ləğv olunmalı və vəkillik institutu haqqında yeni qanun qəbul olunmalıdır. Azər Tağıyev yatır, yuxusunda nə görür, onu çıxarır. Yazır ki, adam vəkillik institutu ilə pul qazanır, gedir dövlət çevrilişi hazırlayır. Bu şəkildə qondarma ittihamlar irəli sürən adam həm Mərkəzi Seçki Komissiyasında, həm də Vəkillər Kollegiyasında təmsil olunur. Həmin ağıldankəm...
Sədrlik edən. İqbal Ağazadə, xahiş edirəm, aqressiv çıxışı saxlayın.  Vəkillər Kollegiyasından çox aqressiv danışdın. Sən təkliflərini ver, sözünü de. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarlarıma qoşulub hamını payız sessiyasının başlanması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, Milli Məclis bu sessiyada da qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək.
Mən gündəliyə daxil olan bir neçə məsələ ilə bağlı təkliflərimi vermək istəyirəm. Çıxış eləyən həmkarlarımın təkliflərinin bəziləri ilə razıyam, bəzilərinə isə öz münasibətimi bildirmək istəyirəm. 
Beynəlxalq təşkilatların bizim bəzi mətbuat orqanlarında yazılan məlumatları göstərir ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun məşğul olduğu işlər nədən ibarətdir. Mən onların hamısını bir-bir oxuyuram. Deyir ki, filan çayxanadan aldığım məlumata görə bu belədir və ya ehtimal var ki,  bu belədir. Bununla da hansısa böyük dövlətin  başqa dövlətə münasibətini formalaşdırırlar. Orada deyilənləri Azərbaycanda iki qəzet gündə yazır da, elə o qəzetləri götürün, qoyun məktubun içərisinə, göndərin. Bundan ötrü diplomatik fəaliyyətlə məşğul olmağa ehtiyac yoxdur ki? Bütün bunlar göstərir ki, bu fəaliyyətə diqqəti artırmaq lazımdır.
Qənirə xanım  Urmiya ilə əlaqədar məsələ qaldırdı. Onun təklifini mən də dəstəkləyirəm, bəyanat verək, amma orada 30 milyon azərbaycanlı yaşayır. Bu, ölkə əhalisinin yarısı deməkdir. Bunlar da ayağa qalxsın, münasibətini bildirsin. Təbii, biz onlara dəstəyimizi verəcəyik, orada yaşayan bizim qardaşlarımızdır, amma onlar da bir səslərini çıxarmalıdırlar. Bizdə bu boyda Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Cənubi Azərbaycandan Ermənistan ərazisinə gündə nə qədər maşın keçir. Orada yaşayan azərbaycanlılar, heç olmasa, bunun qabağını kəssinlər,  sərhədi bağlasınlar. Bunu ki eləyə bilərlər, ixtiyarları çatar, bu köməyi göstərə bilərlər. Biz hər bir məsələyə yanaşanda bu cür yanaşmalıyıq.
İnsanlar tutulubsa, bunu məhkəmə həll edir. Kimsə bu və ya digər şəkildə cinayət törədirsə, – biri o birindən artıq deyil, – cəzası da törətdiy əməldən asılıdır. Vicdan məhbusu adı qoyurlar, yeni-yeni adlar kəşf edirlər. Əgər haqlıdırlarsa, versinlər Avropa Məhkəməsinə, başqa-başqa məhkəmələrə. Niyə o təşkilatlar Qarabağ haqqında...
Sədrlik edən. Siyavuş, sağ olun. Artıq 35 dəqiqədir ki, iclasa başlamışıq. Müzakirələri bitiririk. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi – Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında. Plan sizin hamınıza verilib. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərimi bildirmək istəyirəm. İlk növbədə təklif edirəm ki, Diffamasiya haqqında qanun layihəsi payız sessiyasının gündəliyinə daxil olunsun. O cümlədən Siyasi partiyalar haqqında qanun layihəsinin də bu payız sessiyasında mütləq qəbul olunmasını istərdim. Siz məsələyə aydınlıq gətirdiniz. Güman edirəm, inşallah, Venesiya Komissiyasının rəyindən sonra bu payız sessiyasında Azərbaycanda Siyasi partiyalar haqqında qanun layihəsi qəbul olunacaq. 
Mədəniyyət haqqında qanun layihəsi payız sessiyasının iş planındadır. Mən çox sevinirəm ki, Mədəniyyət haqqında qanun layihəsi var və bu barədə biz fikirlərimizi bildirəcəyik. Mən bir dəfə Milli Məclisdə bu məsələ ilə bağlı fikirlərimi bildirmişdim. Azərbaycan Respublikasında bu sahə ilə kim məşğul olur, bilmirəm, Prezident Aparatının Humanitar məsələlər şöbəsimi, yoxsa Mədəniyyət və Turizm Nazirliyimi? Azərbaycan Respublikasının xalq artisti adının verilməsi üçün elə adamların adını yazıb Prezidentin stolunun üstünə qoyurlar ki, adam Azərbaycanın mədəniyyətini bu adamların təmsil etməsindən utanır. Sadəcə olaraq, ayıbdır. Ona görə çox sevinirəm ki, Mədəniyyət haqqında qanun layihəsi müzakirəyə veriləcək və biz də bununla bağlı fikirlərimizi bildirəcəyik.
Burada məndən əvvəl çıxış eləyən həmkarlarımdan bəziləri Urmiya gölü ətrafında baş verən hadisələrdən danışdı. Biz xaricdə yaşayan azərbaycanlılara münasibətdə dövlət siyasəti haqqında qanun layihəsi qəbul etmişik. Mən hesab edirəm, bu qanun layihəsinə müəyyən əlavə və dəyişikliklər edilməlidir ki, biz xaricdə yaşayan hər bir azərbaycanlının hüquqlarını müdafiə edək.
Vaxtilə Ermənistandan 200 min soydaşımız qovulanda biz Rusiyanın, Moskvanın qorxusundan susduq. Ermənistan–Azərbaycan münaqişəsinin həlli bu mərhələyə gəldi çıxdı. Bu gün 35 milyonluq Azərbaycan türklərinin İran deyilən Cənubi Azərbaycanda hüquqları tapdalanır. Azərbaycan dövləti bununla bağlı öz mövqeyini açıq və net qoymalıdır. Biz nə İrandan çəkinməliyik, nə də başqa bir dövlətdən. Çəkinəcəyiksə, sabah bir az da ağır faciələr yaşayacağıq. 
Urmiya gölü ətrafında 14 milyon azərbaycanlının köçürülmə prosesini İran məhz bu gölün qurudulması ilə həyata keçirir. Bəs biz bu Milli Məclisdə xaricdə yaşayan həmvətənlərlə iş üzrə dövlət siyasəti haqqında qanun qəbul etmişik. Niyə bu qanuna müvafiq olaraq biz orada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmirik? Niyə bu məsələ təkcə Milli Məclisdə səsləndirilir? Niyə heç bir icra strukturu bununla bağlı öz mövqeyini ifadə etmir? Niyə Azərbaycanın diaspor komitəsi bununla bağlı öz mövqeyini...
Sədrlik edən. İqbal müəllim, biz iş planını müzakirə edirik. Sən çıxışa yazılmadın, dedin bir sualım var, gurultulu çıxış edirsən. Sualınız varsa, deyin, cavab verək. Sən, misal üçün, Diffamasiya haqqında qanun layihəsinin iş planına salınmadığına irad tutdun. İndi sual verirəm, Diffamasiya haqqında qanun layihəsi varmı ki, payız sessiyasında gündəliyə çıxaraq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birincisi, elə bir qanun layihəsi təqdim olunmayıb. Məclisdə belə bir layihə yoxdur. Sizə düz informasiya verilməyib. İkincisi, Diffamasiya haqqında qanun layihəsi hətta hazır olsa da, ümumxalq müzakirəsindən keçməyincə onu qəbul eləmək olmaz. Burada birtərəfli fikir yoxdur. Elə beş nəfərin deməyi ilə qanun qəbul eləməzlər. 47 Avropa ölkəsindən 25-də heç bu haqda qanun qəbul olunmayıb. Biz hamısını qabaqlamaq istəyirik.
İş planını müzakirə edirik. Kim istəyir yazılsın, çıxış etsin. İclasın birinci günündən lazımsız qarışıqlıq salırsınız. Yaxşı deyil. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Görək iş planı ilə əlaqədar nə təklif  edirlər. İş planı ilə əlaqədar olmasa, mən söz verməyəcəyəm. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu iş planı ilə bağlı  təşəkkürümü bildirmək istərdim. İndiki vəziyyətdə nəzərdə tutulan bir çox qanun layihəsinin burada əks olunması, yaxud da əks olunma ehtimalının olması bizi xeyli sevindirdi.
Əvvəllər Azərbaycan Respublikasının Prezidenti olmuş şəxslərin təminatı barədə qanun layihəsi ilə bağlı bizim Milli Məclisə deputatların müraciəti oldu və çox güman ki, yaxın gələcəkdə bu məsələ gündəmdə olacaqdır. Hər halda bu barədə bizə məlumat verilsə, yaxşı olar. Biz bu layihənin qəbul olunmasını dəstəkləyirik.
“Siyasi partiyalar haqqında” Qanunu, Oqtay müəllim, qeyd elədiniz, amma çox istərdim, bir açıqlama verilsin ki, bu payız sessiyasında “Siyasi partiyalar haqqında” Qanuna baxılacaq, baxılmayacaq. Çünki bu, olduqca prinsipial əhəmiyyət daşıyır. Ölkədə siyasi islahatların daha da dərinləşməsi istiqamətində bir siyasi iradənin mövcudluğundan söhbət gedir. Bu olacaqsa, siyasi partiyalar da bunu ciddi şəkildə dəstəkləyəcəklər.
Bu layihədə Bələdiyyələrin hesabatları haqqında qanun layihəsi, məncə, bir qədər fərqli səslənir, o baxımdan ki, hələ də cəmiyyətdə bələdiyyələrin statusu məsələsi mübahisəli olaraq qalır. Konstitusiyada nəzərdə tutulan müəyyən qanunların qəbul olunması vacibdir. Amma bu qanunu necə, hansı formada qəbul edəcəyik? Bunu təsəvvürə gətirmək mümkün deyil. Nəyin hesabatını verəcək? Faktiki statusu olmayan, iş sferası, iş imkanı olmayan, hüququ olmayan bələdiyyənin nə hesabat verəcəyi anlaşılmır.
Bir məsələ ilə də bağlı iradımı bildirmək istəyirəm. Burada, 12-ci bənddə yazılıb: “Azərbaycan Respublikasının inzibatı ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri”. Ümumiyyətlə, Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri sonda, 19-cu bənddə göstərilibdir. Nə zərurət var, ayrı-ayrı inzibati ərazi orqanları ilə bağlı qismən dəyişiklikləri də burada xüsusi bənd olaraq qeyd edək? Məncə, bu çıxmalıdır. Çünki 19-cu bənd 12-ci bəndi də ehtiva edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Birinci qeyd etdiyiniz məsələ ilə bağlı onu deyim ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxslərin təminatı haqqında bizim Konstitusiyada ayrıca maddə var. Ona görə mənim tapşırığımla Aparatla Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu qanun layihəsi üzərində birgə işləyirdi. Hələ 2010-cu ilin yaz sessiyasının başlanğıcında Milli Məclisin mətbuat brifinqində çıxış edəndə Səfa Mirzəyev dedi ki, bu qanun layihəsi hazırlanır. Bunun maliyyə məsələləri var idi. O məsələlər öz həllini tapandan sonra bu layihəni biz artıq iş planına saldıq. Ona görə də sizə  verilən ilk iş planında bu yox idi. Maliyyə məsələləri həll olunandan sonra yenidən iş planına salıblar. Buyursun Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Mən də bütün deputatları sessiyanın başlanması münasibətilə təbrik edir və hamıya uğurlar arzulayıram. İş planına daxil edilmiş Pasiyentin hüquqları haqqında qanun layihəs bizim komitəmiz tərəfindən hazırlanıbdır. Ona görə yəqin ki, mən də müəyyən qədər bu qanun layihəsinə münasibətimi bildirməliyəm. Bu qanun bu gün yox, sovet hakimiyyəti vaxtı qəbul oluna bilərdi. Çünki sovet səhiyyəsi bizim səhiyyədən çox fərqli idi. Bu gün bizdə səhiyyənin müxtəlif növləri var, dövlət səhiyyəsi var, qeyri-dövlət səhiyyəsi var, –  yəqin ki, tədricən bələdiyyə səhiyyəsi də olacaqdır, – pullu səhiyyə var, pulsuz səhiyyə var. Bu müxtəlif səhiyyə növlərinin hamısı üçün  Pasiyentin hüquqları haqqında eyni qanun qəbul oluna bilməz. Mən elə bilirəm ki, birinci növbədə biz Səhiyyə haqqında qanun qəbul etməliyik. Yəni əvvəlcə Azərbaycanın səhiyyəsi haqqında, səhiyyənin növləri haqqında qanun  olmalıdır. Ondan sonra, mən elə bilirəm ki...
Sədrlik edən. Hikmət müəllim, mən çox üzr istəyirəm, biz indi Pasiyentin hüquqları haqqında qanun layihəsini müzakirə eləmirik ki, Siz bu barədə açıqlama verirsiniz.  Biz iş planından danışırıq. Mən hiss edirəm ki, çoxları mikrofon üçün darıxıblar. Biz iş planını müzakirə edirik. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu payız sessiyasında müzakirə olunacaq qanunlar arasında 8 qanun layihəsi ölkəmizin həyatında daha ciddi dəyişikliklərə səbəb ola və müxtəlif sahələrdəki problemlərin həllində xüsusi rol oynaya bilər. Mən ilk növbədə keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminatı haqqında qanun layihəsini qeyd edərdim.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi də böyük əhəmiyyətə malikdir. Yəqin ki, bu qanun qəbul olunandan sonra biz bu sahədə də bir nizam-intizamın yaranmasının şahidi olacağıq. On illər ərzində şəhərin mərkəzi yerlərində bəzən tikintilər davam edir. Yolların bərbad vəziyyətdə, insanların toz-torpağın içərisində olması müxtəlif xəstəliklərin yayılmasına yol açır. Mən ümid edirəm ki, bu məcəllənin qəbulu ilə o problemləri biz qismən də olsa, aradan qaldıracağıq. 
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasını uzun müddətdir iş adamları, sahibkarlar gözləyirlər. Ölkənin ictimai-siyasi həyatında iştirak edən vətəndaşlar da belə bir məcəllənin qəbul olunmasını çoxdan arzulayırdılar. Təhsil krediti haqqında qanun layihəsi təhsil sahəsində  mühüm bir mərhələnin başlanğıcı ola bilər. Kənd təsərrüfatı kooperasiyası haqqında, Ali təhsil haqqında, Elm siyasəti haqqında, Pasiyentin hüquqları haqqında qanun layihələri də xüsusi qeyd olunmalıdır.
Oqtay müəllim, Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb. Mən hesab edirəm ki, bu bayramı sözün əsl mənasında təntənəli qeyd etmək üçün Milli Məclisin də xüsusi iclasının keçirilməsinə ehtiyac var. 18 oktyabra qədər belə bir iclasın keçirilməsi çox yaxşı olardı.
1991-ci ilin 17 mart referendumunda SSRİ-nin saxlanmasının əleyhinə bizdə 43 millət vəkili səs vermişdi. Onların arasında mərhum Prezident Heydər Əliyev də var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlarını Milli Məclisin həmin təntənəli iclasına dəvət etmək  məqsədəmüvafiq olardı. Mən təklif edirəm, Milli Məclis olaraq Azərbaycan Respublikası Prezidenti qarşısında məsələ qaldıraq ki, onların hər biri “İstiqlal” ordeni ilə təltif olunsun. Keçmiş postsovet respublikalarının bəzilərində müstəqilliyə səs vermiş insanlar haqqında belə qanunlar qəbul edilib və onlar ali mükafatlarla təltif olunublar. Əlbəttə, sonradan dövlət əleyhinə ağır cinayət törətmiş şəxslər istisna olunmaq şərti ilə. Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy haqqında da belə  bir qərar qəbul olunmalıdır.
Biz həmin iclasda Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş bir millət vəkilinin həbsdən azad olunması məsələsini də, – söhbət Arif Hacıyevdən gedir, – Azərbaycan Respublikasının Prezidenti qarşısında qaldıra bilərik.
Mən həmkarlarımın “Siyasi partiyalar haqqında” Qanunla bağlı  çağırışlarına da qoşuluram. Həqiqətən, biz onu geniş ictimai müzakirələrdən sonra Milli Məclisin bu payız sessiyasının iş planına daxil etməliyik.
Oqtay müəllim, bəzi sabiq millət vəkillərinin, Milli Məclisin ilk üzvlərinin ailə vəziyyətləri, bəzilərinin maddi durumları bu gün ağırdır. Biz onların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik. Artıq Konstitusiya Məhkəməsinin üzvləri ilə bağlı belə bir qanun layihəsi təqdim olunub. Mən hesab edirəm ki, Milli Məclisə həm də Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında analoji qanun layihəsinin təqdim olunması yerinə düşərdi.
Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hesab edirəm ki, payız sessiyasının gündəliyinə təklif olunmuş layihələr kifayət qədər milli əhəmiyyətli sənədlərdir. Mən əminəm ki, onların qəbulu istər ictimai münasibətlər sisteminə, istərsə də dövlət-vətəndaş münasibətləri sisteminə çox mühüm təsir göstərəcək.
Bununla belə, parlament üzvü kimi bir neçə təkliflə çıxış eləmək istərdim. Bilirsiniz ki, Azərbaycanda təhsil islahatları çərçivəsində bu il Azərbaycan Tibb Universitetində 6 illik təhsilini başa vurmuş şəxslər üçün rezidentura imtahanları tətbiq olundu. Əlbəttə, bu, başa düşüləndir.   Dünyada tibb sahəsi ilə bağlı dəqiq standartlar mövcuddur və Azərbaycan da beynəlxalq ailənin bir üzvü kimi bu standartları qəbul etməlidir. 
Amma mən bu məsələdə bir məqama diqqətinizi çəkmək istərdim. Bizdə normativ hüquqi aktlar haqqında qanunvericilik, o cümlədən Konstitusiyanın mühüm bir müddəası var. Bu, yeni qəbul olunmuş qanunun vətəndaşın ziyanına geriyə tətbiq qüvvəsinin olmamasıdır. Mənim bildiyimə görə, Tibb Universitetini bu il bitirmiş və keçmişdən də bu prosesə qoşulmaq istəyənlərin sayı 1239 nəfər, rezidentura üçün verilmiş yerlər isə 303-dür. Elə çıxır ki, bəri başdan gələcək dönəmdə həkimlik adını, statusunu qazanacaq şəxslərin özünün yerinə belə bir xüsusi məhdudiyyət qoyulubdur. Beynəlxalq sahədə diplomların tanınmasında da ciddi problemlər var. Ona görə mən ali tibb təhsili haqqında qanunun qəbul olunmasını təklif edirəm.
Sədrlik edən. Zahid müəllim, mən Sizin sözünüzü kəsirəm. Burada biz təhsili müzakirə etmirik, iş planından söhbət gedir. Əgər hər hansı bir qanun layihəsi təklif eləmək istəyirsinizsə, onu hazırlayın, təklif edin. Milli Məclisin payız sessiyasının iş planını oxumusunuz. Görürsünüz ki, orada ali təhsil haqqında da, elm haqqında da qanun layihələri var. Nahaq yerə vaxt alırsınız. 
Z.Oruc. Oqtay müəllim, mən Sizi, ümumiyyətlə, siyasi dözüm baxımından parlamentdə ən qüdrətli insan, bu parlamentin fiziki quruculuğunda çox böyük insan hesab edirəm. Bu binanın içərisində danışıqlar, mübahisələr, ciddi siyasi diskussiyalar olmasa, buraya muzey,  yaxşı arxitekturalı bina deyəcəklər, amma parlament deməyəcəklər. Biz parlamentin tribunası, mikrofonu üçün darıxmamışıqsa, bu bizim, belə deyək, faciəmiz olar. İcazə verin, mən təkliflərimi səsləndirim.
Sədrlik edən. Mən sənə təklif səsləndirmək üçün icazə verdim, dərs keçmək üçün yox. Mənə dərs keçməyə nə yaşın, nə də qabiliyyətin çatır. Xahiş edirəm, danışdıqlarınıza fikir verin. Mən sənin sözünü kəsmirəm, sənə söz dedim. Xahiş edirəm, danışığına fikir ver.
Z.Oruc. Oqtay müəllim, mən parlament üzvü kimi öz funksiyamı yerinə yetirirəm və çox xahiş edirəm, verdiyim təkliflərdən heç bir halda dərs vermək kimi bir nəticə çıxarılmasın. Ali tibb təhsili haqqında qanun bu münasibətlər sistemini tənzimləmək baxımından çox önəmli olardı və bunu əsaslandırmaq üçün mən 3–4 dəlil söylədim.
Sosial amnistiya haqqında məsələni mən yaz sessiyasında gündəmə gətirmişdim. Həmin dönəmdə fikirlərimi bununla əlaqələndirmişdim ki, ölkəmizdə dövlət rəhbəri tərəfindən çox mühüm əfv fərmanları, amnistiya qərarları qəbul edilməsi praktikası mövcuddur. Bu, hüquq sistemimiz üçün də son dərəcə mühüm addımdır. Eyni zamanda, vətəndaşların dövlətə inamı üçün də.  Mən sayıram ki, iqtisadi amnistiya da, enerji borclarının, xüsusilə də mavi yanacağa görə olan borcların bağışlanması mühüm addım idi. Vətəndaşların, cinayət törətmiş şəxslərin bağışlanmasıdır. Sosial amnistiya isə bilavasitə 10 illər ərzində, mən  qanunsuz demirəm, sənədsiz tikilən evlərin qanuniləşdirilməsidir. Cənab Prezidentin yanvar ayında keçirilən müşavirələrdə müvafiq qurumlara ciddi tapşırığı var. Bunu aylarla gözləmək lazım deyil. Orada qəbul edilmiş qərarda həmin müddət vurğulanmışdır. Elə hesab edirəm ki, bu məsələnin ictimai əhəmiyyətini, onun sosial diapazonlarını, reallığını nəzərə almalıyıq. Bu məsələ yüz minlərlə insanı əhatə edir. Mən bunun iqtisadi əhəmiyyətindən, həmin insanların haqlarının tanınmasından sonra gələcək önəmi demirəm.
Hörmətli Rövnəq müəllim təəssüf ki, bu iclasda iştirak etmir. Mənim ona bir insan kimi hörmətim var. Qoçaqdır, qabiliyyətlidir, dövlətin mühüm vəzifələrini yerinə yetirir, cəmiyyət, media üçün açıqdır. Bu insanların çoxu mədən və digər neft çıxan ərazilərdə yerləşən evlərdə  30–40 ildir  yaşayır. Mən ondan danışmıram ki, kim isə narazı olacaq, bir çox vətəndaş dövlətdən narazı düşəcək. Yox. Ən çox on-dan danışıram ki, orada evsiz qalan şəxsin sonra yükü dövlətin üzərinə düşəcək. Həmin insanlar parlamentin və Prezident Administrasiyası binalarının qabağına gələcəklər. Mən heç ondan da danışmıram ki, narazı qalan insanlardan kimlər faydalanacaqlar. Bu çox ağrılı bir məsələdir. Əlbəttə, buruqlar vətəndaş üçündür, vətəndaş buruqlar üçün deyil. Azərbaycanın, Bakının hər yerində neft tapmaq mümkündür, elə bu Milli Məclisin həndəvərində də. İndi sabah neft tapılacaq deyə bu ərazilər köçürüləsi deyil.  Azərbaycanın məcburi köçkünləri, Ermənistandan qaçqınları var, seldən yaranmış köçkünləri var. Bir də bu sökülmədən yaranmış köçkünlüyü niyə biz  həyatımıza daxil etməliyik?
Mən üçüncü təklif kimi sərhəd bölgələrinin inkişafı haqqında xüsusi qanunun qəbul olunmasını təklif edirəm. Demoqrafik, iqtisadi baxımdan  Ermənistanla sərhəddə və digər sərhəd ərazilərdə vətəndaşların məskunlaşması çox önəmli məsələdir. Xüsusilə iqtisadi stimullaşdırıcı şərtlərlə zəngin olan bir qanuna ciddi ehtiyacımız var.
Cənab Sədr, ən nəhayət, sonuncu təklifimdir. Hiss edirəm ki, parlament üzvləri digər sənədlərin müzakirəsini tələb edirlər. Magistratura məsələsinə diqqətinizi çəkmək istəyirəm. Cənab Prezident Elmlər Akademiyasında keçirilən qurultayda  ölkənin ümumi elmi, təhsil həyatına aid çox mühüm qərarlarla çıxış etdi. Yeni binaların tikilməsi, elmin maliyyələşdirilməsi, təhsil sahəsində islahatlarla bağlı çox dəyərli mövqelər irəli sürüldü. Elə oradaca müxtəlif elmi tədqiqat müəssisələrinin, təhsil ocaqlarının təmsilçiləri çıxış edərkən magistratura sahəsinə diqqəti cəlb etdilər. Bu məsələyə diqqət yetirərkən, mənə elə gəlir ki,  aşağıdakı məqamı nəzərə almalıyıq.
Orta təhsil məktəblərində xanımlar və kişilərin nisbəti doxsan üçün yeddiyədir. Bu, rəsmi rəqəmlərdir. Rəqəmdə səhv etsəm, hörmətli Abel müəllim  buradadır, səhvimi düzəldə bilər. Ali təhsil  müəssisələrinin magistratura pilləsində qızlar və oğlanların nisbəti 82-nin 0,7-yədir. Yəni orta məktəblərdə olan bu nisbət artıq ali məktəblərdə də var. Deməli,  elmdə arasıkəsilməzlik prinsipi kimi konstitusion prinsip pozulmaqdadır. Alimlərin orta yaş həddi 50-ni keçibdir. Fasiləsiz rejimi, estafetin qəbul olunmasını, Azərbaycan elmin irəli aparmaq funksiyasını poza bilmərik. Mən, əlbəttə, anlayıram ki, magistratura hüququnun bərpa olunması sui-istifadələrə də yol aça bilər. Burada oxuyan tələbələrin ümumi sayı 3 mindir. Onların hamısı oğlanlar deyil.
İkinci, bəlkə Türkiyədəki model tətbiq oluna bilər. Oğlanlar fərqli qaydada xidmət keçirlər, hərbi xidmətin minimum elementlərinə yiyələnirlər. Rusiya, yəni 137 milyonluq xalq aspirantura hüquqlarını bərpa etdi. Onlar gördülər ki, təkcə əldə silah tutmaqla təhlükəsizliyi təmin etmək mümkün deyil. Nanotexnologiyadan faydalanaraq silah satışından 31 milyard dollar pul qazanırlar. Azərbaycanda  əli silah tutan şəxslər  kimlərdir? Eyni zamanda, elmi ocaqlarda sənayeni inkişaf etdirəcək insanlara ehtiyacımız var. Ona görə mən bu məsələnin təmsil olunduğum komitə tərəfindən gündəliyə gətirilməsini istəyərdim. Cənab Prezident buna  müsbət mövqeyini ifadə edə bilər. Sağ olun.
Sədrlik edən. Ona görə də Sizə deyirəm ki, iş planını axıra kimi oxumamısınız. Əgər iş planını axıra kimi oxusaydın, heç bu sualların çoxunu deməzdin. İş planında yazılıb: “Al təhsil haqqında qanun layihəsi”, “Elm siyasəti haqqında qanun layihəsi”.  Biz bunları müzakirə edəcəyik. Sən təklif edirsən ki, biz ayrıca  tibb təhsili haqqında qanun qəbul edək. Onda gərək təhsili hissələrə bölək. Sonra deyirsən ki, mənə danışmağa imkan vermirlər.  Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Mənim  ayrıca bir neçə təklifim var. İş planı  çox gözəl hazırlanıb təqdim olunub, payız sessiyasında komitələr tərəfindən əlavə qanun layihələri də  daxil olacaq.  Oqtay müəllim, elm, təhsil haqqında qanunlar var. Amma mən təhsildə bir dəyişiklik haqqında danışmaq istərdim, çünki vacib məsələdir, həm Milli Məclislə, həm də Azərbaycan  xalqının övladları ilə bağlıdır. Biz “Təhsil haqqında” Qanunda yazmışıq ki, orta məktəbə daxil olan, 1-ci sinfə gedən uşaqların hər biri bağçadan, yəni müəyyən təhsil keçdikdən sonra məktəbə qəbul olunmalıdır. Təhsil Nazirliyi də öz hesabatlarında göstərir ki, azyaşlı uşaqların Azərbaycanda 20 faizi ancaq bağça ilə əhatə oluna bilər, yəni 80 faiz uşaq bağçadan kənarda qalır. Bundan istifadə edən müəyyən məktəblərdə  övladlarını məktəbə gətirən  Azərbaycan vətəndaşlarından soruşurlar ki, uşaq bağçada olub? Vətəndaş “yox” deyəndə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunu həmin şəxsin qarşısına qoyurlar. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var ki, keçid mərhələsi olsun. Amma Nazirlər Kabinetinin qərarını hansı vətəndaş  tapıb oxuyacaq və göstərəcək? Bu gün Prezidentimiz, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda gözəl məktəblər tikilir. Hər bir məktəb  elə bil muzeydir, bunlar hər bir Azərbaycan vətəndaşının uşağı üçün tikilir. Ona görə hesab edirəm ki, növbəti iclaslarımızın birində qanunun həmin müddəasını dərhal ləğv etməliyik. Həmin müddəa “Təhsil haqqında” Qanundan çıxarılmalıdır ki, Azərbaycan vətənaşlarının övladlarına qarşı  tətbiq olunmasın.
İkinci,  bu da insanlarla bağlı  haldır. Hər bir vətəndaş öz övladını orta məktəbə gətirəndə birinci şərt qoyurlar ki, test imtahanı keçməlidir. Test imtahanı indi dəbdədir, başa düşürəm. Dövlət qulluğuna, ali məktəbə qəbul olunmaq üçün test vacib şərtlərdən biridir və sair. Azərbaycan Re-spublikasının Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var və ibtidai təhsil məcburidir. Məcburi olduğu təqdirdə uşaq harada hazırlaşdırılmalıdır? Məktəbin funksiyası nədən ibarətdir? Məktəbin funksiyası ondan ibarətdir ki, uşağa qələm tutmağı, hərf yazmağı və digər məsələləri öyrətsin. Əgər mən onu öyrədib gətirmişəmsə, onda məktəb nə ilə məşğul olmalıdır? Bu baxımdan da  çox vacib məsələdir, həmin müddəa qəti şəkildə ləğv olunmalıdır. Bu məsələ özəl və ya  qeyri-özəl məktəb olub-olmamasından asılı deyildir. Ən öndə gedən Azərbaycan Respublikasının Konstitusiyasıdır və orada vətəndaşlara təhsil  hüququ  verilmişdir. Ona görə də hesab edirəm, bu məsələyə diqqət yetirilməlidir.
Üçüncü məsələ də elə bununla bağlıdır və vacib olduğuna görə  Milli Məclisdə də bu məsələ ilə əlaqədar, hesab edirəm, fikir söyləmək yerinə düşərdi, Oqtay müəllim. Məktəbli formaları haqqında kim isə qərar qəbul edir. Bakı şəhərində 320 min insan orta məktəblərə gedəcək. Formanı biznesə çeviriblər. Bir nəfər deyir ki, formanı  ancaq mən verəcəyəm. Bu forma qəzetdə dərc olunmalıdır. Milli Məclisdə müxtəlif təşkilatların uniformalarını göstərmişik. Əgər ehtiyac varsa, bunu da qəbul edək, dərc olunsun və  vətəndaş istəsə, evində tikdirsin,  gedib qonşusundan alsın,  başqa yerdən gətirsin. 15 gündür Azərbaycan vətəndaşları bir fabrikin qabağındadırlar. Rəhbəri kimdir, mən deyə bilmirəm, düz adamdır, əyri adamdır? Nəyə görə buradan alınmalıdır? Nəyə görə başqa yerdən almaq olmaz? Bəlkə birinin imkanı var Fransada tikdirəcək, özü bilər. Bəlkə  Türkiyədə tikdirəcək,  özü bilər. Vətəndaşların qarşısına belə şərtlər qoymaq olmaz. Bunlar süni şəkildə insanların nara-zılığına səbəb olan şərtlərdir.
Kiçik bir detala da toxunmaq istəyirəm. Bununla da fik-rimi yekunlaşdırım, Oqtay müəllim. Azərbaycanda, doğru-dan da, son dövrlər çox böyük tədbirlər keçirilir. Siz qeyd etdiyiniz kimi, parlament tərəfindən də böyük tədbirlər keçiriləcəkdir. Azərbaycana diqqət artır və bunun  nəticəsi olaraq Azərbaycanı istəməyən qüvvələr ortaya çıxıbdır və Azərbaycan haqqında mənfi informasiyalar yayırlar.
Son günlər Azərbaycanda Beynəlxalq Boks Federasiyası tərəfindən keçirilən tədbirin mahiyyəti bizi istəməyən dövlətlərin öyrətməsi nəticəsində müəyyən televiziyalar, həmin dövlətlərə xidmət edən insanlar tərəfindən kiçildilir. Azərbaycanda keçirilən bu böyük idman tədbirində 700-dən artıq insan iştirak etdi. Dünyanın heç bir yerində belə şey olmayıbdır. Nə qədər ölkə burada iştirak edir. Burada ədalətli bir yarış keçirilir. Azərbaycan haqqında  bunları yazmaq Azərbaycan vətəndaşına yaraşmır. O kimdirsə, Azərbaycan  vətəndaşlığından xaric olunmalıdır. Bu şəxs Azərbaycanın tanınmasını istəmir. Biz  keçən il Avroviziya keçirilərkən gördük ki, buradan erməniyə  bir neçə nəfər səs verdi və onların da valideynləri müxalifətdədir. Bu adam-ların kim olduğu bəllidir. Onlar erməniyə səs vermiş in-sanlardır. Bu cür tədbirin,  ümumiyyətlə, Azərbaycanda keçirilən beynəlxalq sərgilərin, tədbirlərin mahiyyətini aşağı salmaq  yolverilməzdir. Bununla da bağlı müvafiq qanunları  daha da kəskinləşdirməliyik ki, həmin insanlar haqqında qərar verəndə bu qərar digərinə tövbələmə olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, biz bu məsələləri komitə  iclasında danışmışdıq.  Dediyiniz bəzi məsələlərlə razıyam. Ancaq qanunda  konkret yazılmayıb ki, bağçadan gəlməmiş uşaqların məktəblərə qəbulu qadağan edilir. Qanunda belə bir şey təsbit olunmayıb. 
İkinci,  parlament qanun qəbul edir,  icra strukturu, Azərbaycan hökuməti bununla bağlı qərar verir. Təhsil Nazirliyi də birbaşa icra strukturuna tabe olan təşkilatdır. Bu suallar da Təhsil Nazirliyi tərəfindən diqqət yetirilməməsindən əmələ gələ bilər.
Orta məktəblərlə bağlı məsələlərlə razılaşdıq, bunları qaydaya salacağıq. Amma formalar haqqında deyilənlərlə mən razı deyiləm. Razıyam ki, həmin formaların  kim istəsə Fransada, Türkiyədə tikdirilməsinə icazə verilməlidir. Forma məsələsində  əsas məqsəd ondan ibarətdir ki, məktəbdə  oxuyan uşaqlar hamısı eyni səviyyəli olsun, bir-biri ilə bəhs etməsinlər. Söhbət bundan gedir. Yoxsa biri, sən deyən kimi, tikdirəcək, digəri isə baxacaq. Uşaq uşağa həsəd apar-mamalıdır. O, məktəbə gəlir, onun fikri dərsdə, oxumaqda olmalıdır. Ancaq mən də razıyam ki, bu formaları tək bir fabrik tikməli deyil, fabriklər də çoxdur. Mütləq digər fabriklər də bunu tikməlidir. Belə bir şey olmamalıdır. Bilinməlidir ki, formanın parçası necə olmalıdır. Hər kəs, kim istəyirsə tikdirə bilər. Ancaq  qəbul olunmuş formada tikilməlidir. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən də Sizi, müavinlərinizi, eləcə də bütün həmkarlarımı payız sessiyasının  açılması münasibətilə təbrik edirəm. Hər birinizə uğurlu fəaliyyət arzulayıram.
Mən iş planı ilə bağlı sözlərimi demək istəyirəm. Çox mükəmməl plandır, yəni burada payız sessiyasında həyata keçirə biləcəyimiz maksimum işlər öz əksini tapıbdır. Nəzərə alsaq ki, payız sessiyasında  dövlət büdcəsinin layihəsini müzakirə edəcəyik, qanunvericilik işləri planı çox yüksək dəyərləndirilməlidir.
Oqtay müəllim, mənim xahişim nədən ibarətdir? Səhiyyə sahəsində qəbul etdiyimiz əsas qanun 1992-ci ildə qəbul olunmuş “Əhalinin sağlamlığı haqqında” Qanundur.  Müstəqillikdən sonra qəbul etdiyimiz ana qanunumuza dəfələrlə keçirdiyimiz  referendum nəticəsində əlavələr olunubdur. Çox təəssüf ki, bu qanunda  bəzi xırda, kiçik dəyişikliklər edilsə də, o zaman qəbul olunan qanun bugünkü reallığı tənzimləyə bilmir, daha doğrusu, tənzimlənmədə çox cidd problemlər ortaya çıxır.  Bir tərəfdən Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər aparılır, istər  dövlətimizin, istərsə Dövlət Neft Şirkəti, istərsə də Heydər Əliyev Fondu xətti ilə  infrastruktur sahəsində çox böyük işlər görülüb. Amma digər tərəfdən  gündən-günə tələbat və münasibət dəyişir.
Bu gün burada çox hörmətli, tanınmış səhiyyə alimlərimiz iştirak edirlər, xüsusilə mən Əhliman müəllimi qeyd etmək istəyirəm. Bu gün hər kəsə məlumdur ki, tibbi sı-ğortanın olmaması ucbatından səhiyyə xidməti ilə bağlı çox ciddi problemlər meydana çıxır. Bədxassəli şişlərin,  böyrək xəstəliklərinin illərlə müalicəsi tələb olunur. Hepa-tit “C” bu gün dünyada xərçəng qədər təhlükə yaradan xəstəlikdir. Amma  “Əhalinin sağlamlığı haqqında” Qanunun bugünkü reallıqları əks etdirə bilməməs və tibbi sığortanın tətbiq olunmaması ucbatından çox ciddi problemlər var. Bu mənada mənim təklifim nədən ibarətdir? Ayrı-ayrı qanunlar qəbul edirik. Qanunvericilik işləri planına da Pasiyentin hüquqları haqqında qanun layihəs salınıb. Amma çox yaxşı olardı ki, biz səhiyyə məcəlləs qəbul edək və bütövlükdə mövcud qanun-vericiliyin bir ekspertizası olsun və mükəmməl bir qanun hazırlansın.
Bir də, hörmətli vitse-spikerlərimizdən birinin xanım olmasını nəzərə alaraq xüsusi vurğulamaq istərdim. Gələn il milli inkişaf istiqamətləri içərisində 8 istiqamətdən biri ana və uşaq bölümünə aiddir. Gələn il bütün dünya ölkələrində ana və uşaq ölümünün vəziyyəti ilə bağlı xüsusi dinləmələr və beynəlxalq təşkilatlarda xüsusi müzakirələr keçiriləcəkdir. Bunu nəzərə alaraq xahiş edərdim ki, Reproduktiv sağlamlıq haqqında qanun layihəsi gələcəkdə işlər planına daxil edilsin. Əlbəttə, müzakirə olunanda mən həmin qanun layihəsinin bəzi maddələrinə qarşı  opponentlik edən millət vəkillərini tam dəstəklədim. Qeyd etmək istəyirəm ki,  parlament üzvləri, millət vəkilləri tərəfindən haqlı etiraza səbəb olan maddələr artıq qanun layihəsindən çıxarılmışdır. Bu qanun layihəsi daha da mükəmməl, təkmil vəziyyətə düşmüşdür. Xahiş edirəm ki, həmin qanun layihəsi də  parlamentin işlər planına salınsın.
Nəhayət, Siyavuş müəllimin dediyi bir məsələ – məktəb forması ilə bağlı demək istəyirəm. Mənə də çoxsaylı valideynlər müraciət ediblər,  digər parlament üzvləri də bilirlər, məktəb formasının parçasının keyfiyyəti hədsiz dərəcədə aşağıdır. Sovet dövrünün bəyənmədiyimiz xüsusiyyətləri ilə bərabər dəyərli xüsusiyyətləri də var idi. Məktəbli gigiyenası, orada geyim, yemək əşyalarının, şagirdlərin, uşaqların olduqları müəssisələrdə bütün gigiyenik standartlar nəzərə alınırdı. Tikilib verilən məktəbli forması sintetik materialdandır. Bilmirəm, neçə faizdir. Amma valideynlərin söylədiklərini və göstərdiklərini, gördüklərimi deyirəm. Belə hesab edirəm ki, məktəbli formaları, hörmətli Sədrimizin də dediyi kimi, müxtəlif fabriklərdə, sexlərdə tikilə bilər, amma yüksək keyfiyyətli materialdan olmalıdır. Həmin formaları balalarımız yayda geyinəndə  revmatizm xəstəliyinin fundamentini qoymuş oluruq. Qışda uşaqlar həmin formada üşüyəcəklər, yayda da tərləyib başqa problemlərin yaranmasına səbəb ola-caqdır. Bir daha öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, uğurlar arzulayıram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, gündəliyimizdə 27 məsələ var. Biz bu gün həmin məsələləri sizinlə müzakirə edib qərar qəbul etməliyik. Çox təkid edən yoxdursa,  gündəliyə keçək.   Buyurun, Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çox qısa bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Böyük məmnuniyyətlə qeyd edirəm ki, iş planımızda ötən yaz sessiyasında olduğu kimi, ali təhsil, elm  haqqında qanunlar öz əksini tapıb. Ölkənin təhsil sistemində islahatlar, qanunvericilik bazasının yaradılması, zənnimcə, ümumi kompleks şəkildə həyata keçirilməlidir. Orta təhsil, peşə təhsili haqqında qanunlar qəbul edə bilməsək, bir sıra problemlərin kompleks şəkildə həllinə, islahatların sürətləndirilməsinə nail ola bilmərik. Bu gün Azərbaycan şagirdlərinin 70 faizindən artıq hissəsi ali təhsil müəssisələrinə  daxil ola bilmir. Bu gün peşə təhsili sistemi ölkədə, demək olar ki, iflasa uğrayıb və  biz öz gənclərimizi peşə təhsili ilə təmin edə bilmirik. Bunun üçün də mən təklif edərdim ki, bizim müvafiq komitədə artıq  layihələr də var, həm peşə təhsili, həm də orta təhsil haqqında qanun layihələri payız sessiyasının iş planına salınsın, çünki bunlar ölkənin qarşısında duran təxirəsalınmaz məsələlərdir.
Bundan öncə Məlahət xanımın ifadə etdiyi fikirlərə də qoşuluram.  Azərbaycanın səhiyyə sistemində zəruri islahatları əhatə edən qanunvericilik bazasını mütləq təcili hazırlamalıyıq. Ölkədə tibbi sığorta sistemi mövcud deyil. Biz indi pasiyentlərin hüquqlarını müzakirə etmək istəyirik. Hansı hüquqdan söz gedə bilər? Azərbaycan həkimlərinin hərəkətlərinin protokolunu müəyyənləşdirən sistem formalaşmır. Nə diaqnostik üsullardan istifadə bəllidir, nə də Azərbaycan həkimlərinin hansı müalicəvi üsullardan istifadə etmələri. Bu indiyə qədər müəyyənləşdirilməyib və bizim qanunvericilikdə də öz əksini tapmayıb. Bunun üçün də pasiyentlərin hüquqlarının müdafiəsindən öncə biz həkimlərin hərəkətlərini müvafiq qanun çərçivəsində görməliyik. Ona görə də  “Əhalinin sağlamlığı haqqında”  Qanunun payız sessiyasının iş planına salınmasını xahiş edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən.  Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, gündəliyə təklif olunan məsələləri dəstəkləyirəm və onları kifayət qədər ciddi hesab edirəm. Keçən  20 illik müstəqillik dövründə dövlətçiliyimizin qorunmasının və möhkəmləndirilməsinin əsasını təşkil edən baza qanunlar artıq qəbul edilmiş və hal-hazırda onların üzərində təkmilləşdirmə işləri aparılmaqdadır. Qanunvericiliyin  ikinci nümunəsində isə ön plana təhsil, sosial, mənəvi, mədəni sahələrlə bağlı qanun layihələri çıxarılmaqdadır. Bu mənada 2011-ci ilin payız sessiyasında müzakirə ediləcək Təhsil krediti haqqında, Ali təhsil haqqında, Mədəniyyət haqqında, Elm siyasəti haqqında, Muğam sənəti haqqında qanun layihələrini aktual və məqsədəuyğun hesab edirəm. Hətta mən deyərdim ki, biz bu sahələrdə, xüsusilə təhsil qanunvericiliyi sahəsində bir az gecikirik.
MDB-nin Parlamentlərarası Assambleyası tərəfindən hazırlanan 10-dan çox model qanun təhsil sahəsinə aiddir. Bizdə isə təəssüf ki, hələlik təhsillə əlaqədar cəmi bir baza qanunu hazırlanıb. Ona görə də mən Asim Mollazadənin təklifinə qoşuluram, onu dəstəkləyirəm. Təklif edərdim ki, heç olmasa, təhsilə aid qanun layihələrinin işlənməsi sürətləndirilsin və payız sessiyasında ali təhsil haqqında qanun yox, ilk növbədə məktəbəqədər və texniki peşə təhsili haqqında qanun layihələrinin hazırlanmasını  təşkil edək. İnanın mənə, bu sahələr respublikada, demək olar ki, çox bərbad vəziyyətdədir. Bu sahələrin mütəxəssis və işçiləri həmin qanunları çox böyük səbirsizliklə gözləyirlər və məndən də  dediyim təklifləri səsləndirməyi xahiş ediblər.
Sosial sahəyə aid, keçən sessiyada qeyd etdiyim kimi, bu sessiyada da gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında qanun layihəsinin gündəliyə salınmasına tərəfdaram. Hörmətli Prezidentimiz cənab  İlham Əliyev cavanlarla bağlı mühüm addım ataraq 2011-ci il 7 iyul tarixində öz sərəncamı ilə “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Biz də bu istiqamətdə öz töhfəmizi verə bilərdik.
Nəhayət, digər bir sosial məsələnin də gündəliyə salınmasını təklif edərdim. Bu da 100 yaşı ötmüş insanlara dövlət himayəsinin artırılmasıdır. Bu günlərdə seçicilərimdən olan 102 yaşlı Böyük Vətən müharibəsi iştirakçısı mənə müraciət edərək xahiş etmişdir ki, dövlət tərəfindən nəqliyyat vasitəsi ilə təmin olunması üçün ona köməklik göstərilsin. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, 100 yaşı ötmüş insanlar  bizim üçün dəyərli bir sərvətdir. Onlara nəinki nəqliyyat vasitəsi, digər yardımçı vasitələrin də verilməsi məqsədəuyğun olardı. Keçmişdə biz uzunömürlülər diyarı olmaqla fəxr etmişik. Hər zaman bu cür insanlara dövlət tərəfindən daha çox qayğı olmuşdur. Lakin indiki dövrdə onlara, əsasən, ailə üzvləri baxırlar və adi pensiyadan başqa bu insanlara hər hansı imtiyazlar verilmir. Halbuki bir daha təkrar edirəm ki, onlar genofondumuzun özəyi sayıla bilərlər. Biz onları qorumalıyıq. Təklif edirəm ki, müvafiq qurumlar 100 yaşına çatmış şəxslərin dövlət reyestrini aparsınlar, onları xüsusi siyahıya alsınlar. Bu qrup insanlar dövlət tərəfindən mütləq pulsuz nəqliyyat, dərman preparatları,  səhiyyə xidməti ilə təmin olunsunlar. Onlara sosial işçi təhkim olunsun. Ən əsası isə 100 yaşını haqlamış insanlar üçün dövlət fondu yaradılmalıdır. Onlara layiqli təqaüd verilməlidir. Hətta bu kateqoriya insanlara aid ayrıca qanun layihəsini də işləmək olardı.
Yeri gəlmişkən, mən də məktəbli formasına münasibət bildirmək istəyərdim. Mən Siyavuş Novruzovla, Məlahət İbrahimqızı ilə tam razıyam. Demək istəyirəm ki,  bu forma ilə əlaqədar  çox böyük bir qanunsuzluq yaradılır. Avqustda mənə bir valideyn müraciət edib ki,  kasıb bir valideynəm, pulum yoxdur, lakin filan nömrəli məktəbin direktoru  məktəbin təmir olunduğunu bəhanə gətirərək hər bir insandan məktəbli forması üçün 150 manat pul yığırdı. Mən də  Təhsil Nazirliyinə bu barədə bildirmək istərdim ki, belə bir qanunsuzluq aradan qaldırılsın. Lakin təəssüflər olsun ki, təhsil nazirinin heç bir telefonları cavab vermir. Nə hörmətli cənab nazirlə, nə müavinləri ilə, nə də şöbə müdirləri ilə əlaqə saxlaya bilirik.
Yeri gəlmişkən, bu da çox böyük problemdir. Hörmətli sədarət, bunu da sizin diqqətinizə çatdırmaq istərdim. Hörmətli deputatlarımız öz şəxsi xahişlərinə görə yox, seçicilərin problemi, hansısa ictimai iş ilə əlaqədar dəfələrlə müxtəlif qurumlara müraciət edirlər. Çox nadir hallarda nazir müavinləri bizimlə əlaqəyə girirlər. Mən bu halı dözülməz hesab edirəm. Bizim işimizi iflic vəziyyətə gətirən bir amildir. Yəqin, həmkarlarım da bunu təsdiq edə bilərlər. Mən bilmirəm, bu 3 və ya 4 nömrəli telefonlar nəyə görə, kimin üçün qoyulub? Biz ancaq katibələrlə ünsiyyətdə oluruq. Bu hal neçə il, hansı illərə qədər davam edəcək? Mən sizə Prezident Administrasiyasını nümunə gətirərəm. Prezident Administrasiyasının hər bir məsul işçisi həmin telefonların dəstəyini qaldırır. Hətta Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev dəstəyi qaldırır və bizə cavab verir. Belə olan halda bəs icra strukturlarında işləyən insanlar nə vaxta qədər  bizi eşitməyəcəklər? Nə vaxta qədər bizim səsimizə səs verməyəcəklər? Biz ümumi iş görürük. Ümumi işin xətrinə mən istərdim ki, bu məsələni onlar eşitsinlər və öz iş metodlarında  başqa üsullara əl atsınlar. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də sizi payız sessiyasının açılışı ilə bağlı ürəkdən təbrik edirəm. Hesab edirəm ki, qabaqda çox vacib işlərimiz var. Bir neçə məsələyə,  Ziyafət müəllim, çox qısa olaraq münasibətimi bildirmək istəyirəm. Bilirəm ki, vaxtımız azdır.
Birinci məsələ vətəndaşların qeydiyyatı ilə bağlı məsələdir. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, hər bir vətəndaşı artıq 20–30 ildən çox yaşadığı yerdə qeydiyyata salmaq lazımdır. Bu gün Səbail rayonunda  çox böyük problemlər yaşanır. Mənə müraciət edənlərin hər beşindən birinin qeydiyyat problemi mövcuddur. Ya dostunun ünvanına yazılıb, ya da başqa bir yerə. Öz yaşadığı yerdə qeydiyyatda deyil. Bu, axı, böyük problemli məsələ deyil. Uşaqlar məktəbə gedəndə bu problemlə üzləşirlər, çünki şəxsiyyət vəsiqələrində qeydiyyat yoxdur. İşə düzələndə həmin problemlə üzləşirlər. Digər tərəfdən də, Bakı Şəhər İcra Hakimiyyəti tapşırıq verib ki, hələ heç bir insanı qeydiyyata götürməyin. Bu nə vaxta qədər belə olacaq? Artıq 5 ildən çoxdur, orada yaşayan insanların bir çoxunun qeydiyyat problemləri mövcuddur. Mən xahiş edirəm ki, həmin məsələyə biz bu sessiyada baxaq. Qanunla müəyyən edilsin ki, insanları hansı meyarlara görə qeydiyyata salmaq olar və ya olmaz? İnsanlar da bilsinlər ki, vəziyyət nə cürdür.
İkinci məsələ Qarabağ veteranlarının, əlillərinin sosial təminatı ilə bağlı məsələdir. Yenə də həm mənzil, həm də kompensasiya problemidir. Bu gün  onlara hər ay  dövlət tərəfindən 20 manat kirayə pulu verilir. Təbii ki, onlar da çox çətinlik çəkirlər. Bu, böyük məbləğ deyil. Qanun şəklində həyata keçirmək üçün biz buna baxa bilərik. Artıq bu cür yanaşmaların da vaxtı çoxdan keçib. Biz buna baxmalıyıq. Qarabağ veteranıdır, ailəsi, uşaqları var. 15–20 il hərbi xidmətdə olub. Artıq qayıdıb, indi yaşamağa yeri yoxdur. Mən çox xahiş edərdim ki, biz bu məsələyə qayıdaq və payız sessiyasında buna baxaq. Təşəkkür edirəm.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əslində, mənim təkliflərim bir sıra qanun layihələrinin gündəliyə salınması ilə bağlıdır. Bunlardan birinci məsələni biz dəfələrlə vurğulamışıq və mənim bildiyim qədər Sosial siyasət komitəsində bu qanun layihəsi, demək olar ki, hazır şəkildə vardır. Yəni onu gündəliyə salmaq imkanları çox yüksək səviyyədədir. Söhbət ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsindən gedir. Bu gün Avropa ölkələrində hər yerdə belə bir qanun artıq həyata keçirilir. Bu çox vacib bir məsələdir. Yəni ictimai yerlərdə, nəqliyyatda, restoranlarda, məktəblərdə, xəstəxanalarda siqaretdən istifadə edilməsi, siqaretin çəkilməsi qadağan olunmalıdır. Bu bizim insanlarımıza lazımdır. Biz ən azı siqaretdən istifadə etməyən insanların sağlamlığını düşünməliyik. Bu adamlar siqaretdən istifadə etmirlər, amma siqaretin zərərli təsirlərinə onlar da siqaretdən istifadə edənlər qədər məruz qalırlar. Bu gün Avropanın hər yerində belə bir qanun var. Avropa ilə yanaşı, bir çox ölkələrdə də həmin qanun  işləyir. Çox yaxşı olar ki, biz də müxtəlif ölkələrin təcrübələri əsasında  hazırlanmış qanun layihəsini müzakirəyə çıxaraq.
Bizdə çox böyük bir tədbir – Eurovizion keçiriləcək. Artıq biz buna hazırlıq görürük. Böyük tədbir olacaq. Avropanın hər yerindən minlərlə insan Azərbaycana gələcək. Yenə vurğulayıram, bu, millətə lazımdır. İkinci, bu görüntünün özü də xoş olmayacaq. Nəqliyyatdan başlamış bütün ictimai yerlərdə siqaretin çəkildiyini görən insanlarda, təbii ki, müsbət rəy yaranmayacaq. Azərbaycanın adı üçün də bu, müsbət deyil. Bunun ancaq mənfi tərəfi var. Ona görə hesab edirəm ki, payız sessiyasında bunu  müzakirə etsək, sonra bunun icrası ilə bağlı işlər görülər. Dünya təcrübəsi var. Elə bir ölkə yoxdur ki, bu qanunun tətbiqi ilə bağlı orada deyilsin:  heç bir uğur əldə etməmişik, ancaq uğursuzluq var. Bunu, sadəcə, biz demirik, Dünya Səhiyyə Təşkilatının hesabatları, statistika var. İctimai yerlərdə siqaret çəkilməsi insanların, uşaqların, gənclərin sağlamlığına böyük zərər vurur.
Digər tərəfdən, bu qanun layihəsində də bir çox məsələləri də nəzərə almaq lazımdır. Bu gün heç kəs öz məktəbli uşağını bu bəd vərdişdən uzaqlaşdıra bilmir. Niyə? Hansı Avropa ölkəsində 10 yaşında uşaq gedib siqaret ala bilər? Ona hər yerdə siqaret sata bilərlər? Belə şey mümkün deyil. Amma bizdə uşaqlar hər yerdə siqaret ala bilirlər. Siz öz evinizdə, ailənizdə uşağınıza nəzarət edirsiniz. Amma çıxıb gedir məktəbə, məktəbdən çıxıb elə məktəbin ətrafında hər yerdə siqaret də ala və istifadə də edə bilər. Bu məsələlərə kompleks şəklində yanaşan qanunun hazırlığı prosesi də var. Onu da müzakirəyə çıxarmaq olar.
Bir məsələ haqqında da danışmaq istərdim. Amma bunun da qanunvericilik planına salınmasını çox istərdim. Söhbət Ailə Məcəlləsində  dəyişikliklərdən gedir. Əslində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də buna tərəfdardır ki, Ailə Məcəlləsində belə dəyişikliklər edilsin. Birinci, biz “Gender (kişi və qadınların) bərabərliyinin təminatları  haqqında” Qanun qəbul etmişik. Amma eyni zamanda, BMT konvensiyalarına görə 18 yaşına qədər insan uşaq sayılır.  Bu məsələni həmkarlarım parlamentdə də qaldırmışdılar. Amma biz uşaq sayılan, uşaq yaşında olan bir insanın ailə qurmasına qanunvericiliklə icazə veririk. Qızlarımız 17 yaşında ərə gedə bilərlər, hələ istisnalar da nəzərdə tutulur. Həmin istisnalardan da çoxlu sui-istifadə edirlər. 16 yaşında ailə qura bilər. Bu həm qoşulduğumuz BMT konvensiyalarına, həm də gender bərabərliyinə ziddir. Eyni zamanda, erkən nikahların qarşısının alınması istiqamətində də, mən demirəm, bu hər bir problemi həll edəcək, amma  pozitiv təsiri ola bilər.
Mənim üçüncü təklifimlə bağlı məsələni burada Asim müəllim də vurğuladı. Biz payız sessiyasında səhiyyə ilə bağlı bir çox məsələyə baxacağıq. Bu qanunvericilik planında da pasiyentin hüquqları və sair məsələlərlə bağlı layihələr nəzərdə tutulur. Tibbi sığorta sistemi tətbiq olunmadan  müzakirə və qəbul edəcəyimiz bu qanunların  icra olunmasında ciddi problemlər yaranacaq. Tibbi sığorta haqqında məsələlər çox zəif gedir. Mənim bildiyim qədər bununla bağlı xüsusi qurum da yaradılmışdır. Amma həmin qurum  tibbi sığortanın həyata keçirilməsi üçün hansı konkret işləri görüb? Niyə bu sistem belə zəif gedir? Niyə bu məsələlər oturuşa bilmir? Biz bunu da ciddi şəkildə qanunvericilik çərçivəsində müzakirə etməliyik. Çünki tibbi sığorta tətbiq edilməsə, həyata keçirilməsə, səhiyyədə dediyimiz islahatlardan danışmaq çox çətin olacaq. Qəbul etdiyimiz bir çox qanunun həyata keçirilməsi də çətin olacaq. Tibbi sığorta nə verəcək? Vətəndaşın daim ən ağır, ən çətin məqamda onun bir güvən yeridir, sığortasıdır. Eyni zamanda, yaxşı və ya pis həkimləri də müəyyən edə biləcəyik. Bu sistem otursa, biz səhiyyə sahəsinə çox ciddi... Düzdür, səhiyyə sahəsində irəliləyişlər var, xəstəxanalar tikilir, yeni, müasir avadanlıqlar alınır. Amma bütünlükdə səhiyyə sahəsində ciddi islahatların aparılması tibbi sığortanın necə işləməsindən çox asılı olacaq. Biz qanunvericilik çərçivəsində bu məsələni yenidən qaldıraraq və əlaqədar qurumları da dəvət edərək müzakirə etsək, yaxşı olardı. Nə baş verir ki, tibbi sığortanın tam oturuşması  prosesi belə zəif gedir? Sağ olun.
Sədrlik edən. Ceyhun Osmanlı.
C.Osmanlı. Çox hörmətli vitse-spikerlər, hörmətli millət vəkilləri! İş planının 19-cu bəndini əldə rəhbər tutaraq, yəni Azərbaycan Respublikası qanunlarına dəyişikliklər edilməsi çərçivəsində xüsusi bir təklifi demək istərdim. Bilirik ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı siyasətinin əsas önəm verilən istiqamətlərindən biri turizmin inkişafıdır. Onu da bilirik ki, turistin ən xeyirli olanı, ölkəyə ən çox gəlir verəni təhsil turistidir. Çünki normal istirahət dalınca gələn bir turist əgər bir-iki həftə ərzində ölkəyə xeyir verirsə, təhsil turisti il ərzində ölkədə pul xərcləyir.
Azərbaycanda ildən-ilə xarici tələbələrin sayının artması çox mütərəqqi haldır. Amma başqa bir məqam da vardır. Xarici tələbələrin daha çox gəlməsi üçün Azərbaycanda istər özəl, istərsə də dövlət ali təhsil müəssisələrinin gücləndirilməsinə dəstək vermək lazımdır. Bu gün  dünyanın çox az ölkəsində ali təhsil müəssisələri əlavə dəyər vergisinə cəlb olunur. Ona görə də təklif edirəm ki, həm dövlət, həm də özəl ali təhsil müəssisələrinin, universitetlərinin əlavə dəyər vergisindən azad olunması barədə qanunvericilik planına əlavə edilsin.
Azərbaycanın bu gün ayrı-ayrı istiqamətlərdə müxtəlif brendləri formalaşır. Nəyə görə  Azərbaycanın təhsil brendi inkişaf etməsin? Azərbaycan gələcəkdə perspektivli təhsil ölkəsi kimi də bütün bir regiondan olan tələbələri özünə cəlb etməsin? Bircə misal demək istərdim. Azərbaycan Diplomatik Akademiyasına təkcə bu təhsil ilində 30-dan çox ölkədən tələbələr gəlmişlər. Dünyada elə dövlətlər vardır ki, onların büdcəsinin tam olaraq 40 faizi məhz təhsil turistlərindən əldə olunur, yəni tələbələrdən formalaşır. Ona görə də bu məsələnin, əgər mümkündürsə, gələcəkdə qanunlara dəyişikliklər çərçivəsində müzakirə olunmasını təklif edərdim. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Hikmət  Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mən bayaq çıxış edərkən, yəqin ki, fikrimi kifayət qədər aydın formalaşdıra bilmədim. İndi çalışacağam, fikrimi qısa və konkret formalaşdırım. Payız sessiyasında Pasiyentin hüquqları haqqında qanun layihəsinin müzakirəsi təklif olunub. Bir sualım var sizə. Bu gün Bakıda müxtəlif səhiyyə müəssisələri var. Bunların hamısında pasiyentlərin hüquqları eynidir, yoxsa yox? Əlbəttə,  yox. Pullu, pulsuz müəssisələr, dövlət müəssisələri və digər müəssisələr var. Mənim təklifimə oxşar təkliflər başqa deputatlar tərəfindən də səsləndirildi. Mən təklif edirəm ki, əvvəla, biz Azərbaycan səhiyyəsinin bugünkü vəziyyətini nəzərə alaraq səhiyyə haqqında qanun qəbul edək.  Sonra  səhiyyə haqqında bu qanunda səhiyyə işçilərinin vəzifələri və hüquqları müəyyənləşdirilsin və bundan sonra pasiyentin hüquqları haqqında qanun layihəsini müzakirə edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən.  Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Mən hörmətli Qənirə xanımın siqaret ilə əlaqədar dediyi fikrə cavab vermək istərdim. İndi oturmuşuq söhbət edirik. Hörmətli həmkarlarım bilsinlər ki, təqribən 2001–2002-ci illərdə biz “Tütün və tütün məmulatı haqqında” Qanun qəbul etmişik. Həmin qanunun bir fəsli siqaretin harada çəkilməsi və ya çəkilməməsinə həsr olunub. Siqaretin bəzi yerlərdə çəkilməsinin qadağan olunması üçün nə etmək lazımdır? Mən Əli müəllim Hüseynovdan xahiş edirəm, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edək. Türkiyədəki kimi. Orada belə bir şey var. Xüsusi ayrılmış yerdə siqaret çəkməyən adam 70 yeni türk lirəsi cərimə edilir. Biz də 50–100 manat cərimə müəyyən edək. Görək sonra nə olur?  Hörmətli Qənirə xanıma demək istəyirəm ki, bizim qanunçuluq çərçivəsində başqa imkanımız yoxdur. Cərimə edə bilərik. Müvafiq icra hakimiyyəti bunu yerinə yetirəcək, yetirməyəcək? Bu onların işidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Bir qeyd ilə çıxış etmək istəyirəm. Burada təhsil turizmindən danışıldı. Məncə, “təhsil turizmi” ifadəsi yoxdur. Belə demək olar: “Azərbaycanda təhsil alan xarici tələbələr”. Hər bir ölkənin təhsil sisteminə xaricdən tələbələrin cəlb edilməsi məsələsi var. “Təhsil turizmi” sözləri cəmiyyəti, sadəcə olaraq, çaşdıra bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm, hörmətli deputatlar. Qanunvericilik işləri planını kifayət qədər müzakirə etmək imkanımız oldu. İndi xahiş edirəm, işlər planına münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə        105
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələlərinə keçmək istəyirəm. “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının təsdiq edilməsi barədə qanun layihəsidir. Səməd müəllim, birinci 7 məsələ Sizin komitədə müzakirə olunubdur. Əgər mümkünsə, hamısı haqqında məlumat verin, səsverməni ayrıca keçirərik. Mümkündürmü?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Siz tamamilə haqlısınız. 2, 3, 4, 5, 6 və 7-ci məsələlər və başqa məsələlər bizim komitədə müzakirə olunub. Ancaq ilk 7 məsələ bir-birinə oxşar məsələlərdir. Mən öz fikrimi sizin nəzərinizə çatdırım. “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının təsdiq edilməsi barədə qanun layihəsi komitəmizdə birmənalı müsbət qarşılanmışdır. Azərbaycan–Ukrayna münasibətləri bizim üçün xüsus əhəmiyyət kəsb edir. Bəyanatda əks olunmuş ideyalar, fikirlər, bəndlər Azərbaycanın milli maraqlarına, Azərbaycanın Ukrayna ilə münasibətlərinin inkişafına xidmət edən məsələlərdir. Ona görə mən komitəmizin adından hörmətli millət vəkillərindən xahiş edirəm ki, bu bəyanatın təsdiq olunmasına səs versinlər.
“Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011–2015-ci illər üçün Tədbirlər Planı”nın  təsdiq olunması haqqında təqdim olunmuş sənəd öz-özlüyündə yeni, çox vacib bir sənəddir. Hesab edirəm ki, millət vəkilləri buna da diqqət yetirərlər. Ona görə ki, Azərbaycan–Ukrayna münasibətlərinin inkişafı ilə yanaşı, biz millətlərarası, dövlətlərarası strateji əməkdaşlıq istiqamətində atılmış addımların yeni mərhələsinə keçirik. Bu planda bənd-bənd göstərilib, Azərbaycan və Ukrayna nələr etməlidir ki, həmin münasibətlər yüksək səviyyədə inkişaf etsin. Millət vəkillərinin diqqətini xüsusilə parlamentlərarası münasibətlərə cəlb etmək istəyirəm. Bu planda göstərilib ki, Ukrayna Radasının sədri Azərbaycana, Azərbaycan parlamentinin Sədri Ukraynaya səfər etməlidir. Bu gün belə bir sənədin imzalanması birbaşa Azərbaycan–Ukrayna münasibətlərini inkişaf etdirməklə yanaşı, başqa ölkələr üçün bir nümunə xarakteri daşımağa başlayıb. Ona görə sizdən xahiş edirəm, bu tədbirlər planına öz müsbət fikrinizi bildirəsiniz.
Eyni istiqamətdə yalnız Ukrayna ilə yox, Rumıniya ilə də münasibətlərimizi inkişaf etdiririk. Bu gün Avropa Birliyinin, NATO-nun üzvü olan Rumıniya ilə Azərbaycan münasibətləri yalnız iki ölkə arasında olan münasibətlər deyil, Azərbaycanın Avropa Birliyi, Avropa Birliyinin ən böyük ölkələrindən biri kimi qiymətləndirilən Rumıniya ilə münasibətlərini əhatə edən birgə fəaliyyət planıdır. Bu fəaliyyət planına diqqətlə baxsanız, görərsiniz ki, Azərbaycanın və Rumıniyanın Avropa dəyərlərinin inkişafı istiqamətində birgə addımlar atması nə dərəcədə vacib və əhəmiyyətlidir. Komitəmiz bu sənədə də öz müsbət fikrini bildirmişdir.
Sözün açığı, “Azərbaycan Respublikası Hökuməti və Belarus Hökuməti arasında təhsil sənədlərinin tanınması haqqında” Sazişi Şəmsəddin müəllim təqdim edəcək. Mən 6-cı və 7-ci məsələlər haqqında  öz fikirlərimi və münasibətimi bildirim.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş çox vacibdir. Ona görə ki, Azərbaycan–Belarus münasibətləri bu saat öz inkişaf dövrünü yaşayır. Biz Belarus Respublikasına hərtərəfli köməklik göstəririk, qarşılıqlı münasibət görürük. Bu gün Azərbaycan və Belarus respublikaları arasında münasibətlər həm belarus xalqının maraqlarına, həm də Azərbaycan xalqının maraqlarına xidmət edən məsələlərdir. Ona görə də bizim səfirliyimiz üçün  orada yerin ayrılması və Belarus Respublikası səfirliyi üçün Azərbaycanda yerin ayrılması çox vacib və əhəmiyyətli bir məsələdir. Buna birmənalı müsbət fikrimizi bildiririk.
Azərbaycan hazırda Avropa Birliyinə daxil olan ölkələrlə vizanın sadələşdirilməsi mexanizmini çox yüksək səviyyədə müzakirə edir. Bu müzakirələr Azərbaycan və Avropa Birliyi arasında xüsusi müzakirə predmetidir. Ancaq bununla yanaşı, parlamentimizin gördüyü işlər xüsusi qiymətləndirilməlidir. Azərbaycan parlamentində Fransa, Avstriya, İtaliya, Çexiya, Estoniya ilə belə sazişlər təsdiq olunmuşdur. Bu gün diplomatik pasportlara malik şəxslərin İspaniyaya vizasız gedişi məsələsi gündəmdədir. Biz komitəmizdə, təbii, belə bir məsələni müsbət qiymətləndiririk. Millət vəkillərini də bu sazişə öz müsbət münasibətlərini bildirməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Səməd müəllim. Şəmsəddin müəllim, 5-ci məsələ haqqında, xahiş edirəm, məlumat verin.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox sağ olun. Mən də öz növbəmdə millət vəkillərini payız sessiyasının başlaması münasibətilə ürəkdən təbrik edirəm və möhkəm can sağlığı, uğurlar arzulayıram. Hörmətli millət vəkilləri, müzakirəyə çıxarılan qanun layihəsi, Milli Məclisə məlum olduğu kimi, Prezident tərəfindən göndərilmişdir. Elm və təhsil komitəsinin 19 sentyabr tarixli iclasında geniş müzakirə olunaraq Milli Məclisin müzakirəsinə  tövsiyə olunmuşdur. Söhbət əsasən nədən gedir? Söhbət həm Belarusda, həm də Azərbaycan Respublikasında verilən bütün təhsil sənədlərinin, diplomların qarşılıqlı surətdə tanınmasından gedir. Eyni zamanda, müəyyən bir təhsil pilləsində verilən sənədlərin tanınaraq növbəti təhsil pilləsində təhsilin davam etdirilməsi üçün müvafiq olduğu bu sazişdə öz əksini tapmışdır.
Müzakirə olunan bu sənədin bir bəndini xüsusi qeyd etmək istəyirəm. Bu da sovet dönəmində verilən sənədlərə şamil edilir. Yəni sovet dönəmində həm Belarus Respublikasının vətəndaşlarının aldıqları təhsil sənədləri və diplomların, eyni zamanda, Azərbaycan Respublikasında verilən diplomlar və sənədlərin qarşılıqlı surətdə tanınması təsdiq edilir.
Sənədin bir bəndini də yenə nəzərinizə xüsusi çatdırmaq istəyirəm. Bu da tibb və əczaçılıq təhsili ilə bağlıdır. Burada müddət göstərilir.  5 ildən az olmayaraq təhsil keçmiş həm Belarus, həm də Azərbaycan vətəndaşlarının aldıqları diplomlar qarşılıqlı olaraq hər iki respublikada müvafiq ixtisasa görə işlə təmin olunmaları üçün tam şərait yaradır. Bütün bunları, eyni zamanda, hörmətli Səməd müəllimin dediyi kimi, son dövrlərdə Belarus ilə Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən humanitar sferanın bütün sahələrində əlaqələrin durmadan yüksələn xətlə inkişaf etməsini, Belarusun bizə dost, qardaş ölkə olmasını nəzərə alaraq mən də millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. İndi isə məruzə olunan qanun layihələrinə münasibət bildirməliyik. İkinci məsələyə – “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında” Birgə Bəyanatının təsdiq edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə        104
Əleyhinə 0
Bitərəf   0
Səs verməd 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011–2015-ci illər üçün Tədbirlər Planı”nın  təsdiq edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin. 

Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə        105
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Azərbaycan Respublikası və Rumıniya arasında  Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında qanun layihəsinə, buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə        104
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında”  Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə        103
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə        101
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə        103
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti üç məsələ, 8, 9 və 10-cu məsələlər iki komitədə – İqtisadi siyasət və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində müzakirə olunub. Ziyad müəllim, hər 3 layihə haqqında, zəhmət olmasa, məlumat verin, səsverməni ayrıca keçirərik. Buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Payız sessiyasının başlanması münasibətilə həmkarlarımı təbrik edirəm və hamınıza uğurlar diləyirəm! Hörmətli Ziyafət müəllim, 13, 14, 15-ci məsələlər eyni tipli məsələlərdir. Mən onlar haqqında eyni məlumatları verə bilərəm. Birinci “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişdir. Saziş hər iki ölkə arasında azad ticarət prinsipləri əsasında beynəlxalq gəmiçilik sahəsində əməkdaşlığın və iki ölkə arasında ticarət gəmiçiliyi sahəsində əməkdaşlığın inkişafını nəzərə alır. Sazişə əsasən tərəflər əlaqələrin azad və ədalətli rəqabət prinsipləri üzərində qurmalı, eləcə də beynəlxalq dəniz nəqliyyatı və ticarətinə mənfi təsir göstərə biləcək hər hansı hərəkətlərdən çəkindirmə nəzərdə tutmalıdırlar. Komitədə bu məsələyə müsbət münasibət bildirilmişdir.
İkinc saziş “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişdir. Ölkə iqtisadiyyatının inkişafına təsir edən mühüm amillərdən biri də gömrük siyasətidir. Azərbaycan Respublikasında gömrük siyasətinin inkişaf etdirilməsində əsas addımlardan biri də gömrük işində beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bu sahədə, bilirsiniz ki, biz yaxınlarda çox dəyərl Gömrük Məcəlləsi qəbul etmişik. Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında bağlanmış bu saziş hər iki ölkə arasında gömrük münasibətlərinin və gömrük məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Məlumat üçün bildirmək istəyirəm ki, hörmətli Ziyafət müəllim, belə bir saziş Serbiya Respublikası Hökuməti ilə də nəzərdə tutulmuşdur. Bu da gündəliyin 13-cü məsələsidir. Digər bir saziş Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqındadır. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında bu cür sazişlərin ölkələr arasında mövcud olmaması həmin ölkələrin həm xarici, həm də daxili iqtisadi münasibətlərinin inkişafına mənfi təsir edən amillərdən sayılır.
Bu cür çatışmazlıqların aradan qaldırılması və hər iki dövlətin iqtisadi münasibətlərini inkişaf etdirmək məqsədi ilə “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş bağlanmışdır. Sazişin əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət qarşı tərəfin sərmayəçilərinin ölkəsində sərmayə qoymasına lazımi şərait yaradır. Bu da həm iki dövlət arasında iqtisadi münasibətlərin inkişafına, həm də dövlətlərin iqtisadiyyatının güclənməsinə zəmin yaradır.
Hörmətli Ziyafət müəllim, gündəliyin 14-cü məsələsi də Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökumət arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqındadır. Millət vəkillərindən xahiş edərdim ki, komitənin bu rəyinə öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. 15-ci məsələ barədə Siz məruzə edəcəksiniz? Bu layihə də Sizin komitədə müzakirə olunub.
Yerdən. (Eşidilmir.)
Z.Səmədzadə. Bu saziş Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqındadır. Hörmətli millət vəkilləri bu sahədə kifayət qədər informasiyaya malikdirlər. Çünki illər keçdikcə bu kimi sazişlər digər dövlətlərlə də bağlanır. İkiqat vergitutma ölkələr arasında iqtisadi münasibətlərin inkişafına, şəxslərin, kapitalların, malların, xidmətlərin və texnologiyaların axınına mənfi təsir edən ciddi amillərdən biridir. Artıq Azərbaycan çoxsaylı ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər imzalamışdır. Növbəti saziş də Sloveniya Respublikası ilə bağlanmışdır. Millət vəkillərindən xahiş edərdim ki, komitənin bu rəyinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, deməli, səsvermədə ardıcıllıq pozulmasın deyə, 11 və 12-ci məsələlər haqqında məlumatları dinləyək, sonra səsvermə keçirək. 11-ci məsələ haqqında Əli müəllim məlumat versin. Əli Hüseynli, buyurun, məlumat verin.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu saziş “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında”dır. Məqsəd dövlətlərimiz arasında mübadilə edilmiş, yaxud onlar tərəfindən yaradılmış məxfi məlumatların qarşılıqlı mühafizəsi üzrə qaydaları yaratmaqdır. Bu, təbii ki, bizim üçün vacibdir. Saziş, ümumilikdə, beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanmışdır və komitənin müsbət rəyi vardır. Millət vəkillərindən bunu nəzərə almağı xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun, təşəkkür edirəm. İcazənizlə, 12-ci məsələ barəsində məlumat verim. Bu sazişin layihəsi bizim komitədə müzakirə olunub. Bu, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin layihəsidir. Bilirsiniz ki, bir çox dövlətlərdə artıq bu qəbildən olan sazişlər imzalanıb və parlamentdə ratifikasiya olunubdur. Sizə deyim ki, bu sənədlər özünü doğruldub və  hazırda fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, Azərbaycanın milli və dövlət maraqları nöqteyi-nəzərindən olduqca vacib bir sazişdir. Sizin hamınızı bu sazişi təsdiq etməyə dəvət edirəm.
Çıxış etmək istəyən yoxdursa,  bu sazişləri ardıcıllıqla  səsə qoyaq. Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə        105
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə        101
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə        103
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə        103
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə        103
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə,  xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə        102
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə        102
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 1
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə        103
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi


(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli.  Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, icazə versəniz, gündəliyin 16 və 17-ci məsələlərini birgə məruzə edərdim. Çünki 16-cı məsələdə bir hüquqpozmanın cinayət məsuliyyətindən, 17-ci məsələdə isə inzibati məsuliyyətindən söhbət gedir. Əslində, bu məsələlər çox oxşardır.
Təklif olunur ki, Cinayət Məcəlləsinə 190-1-ci maddə əlavə edilsin. Bu, qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə təklif olunan cinayət məsuliyyətidir. Burada, təbii ki, həm cərimə, həm də bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma bu cür əməl təkrar, qrup və mütəşəkkil dəstə tərəfindən törədildikdə artıq bir ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Eyni zamanda, Cinayət Məcəlləsinə yeni 244-1-ci maddə də təklif olunur. Bu bizim milli mənəvi dəyərlərimizə zidd olan bir əməllə –  qumarxanaların təşkil edilməsi və ya saxlanması ilə bağlıdır. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya  görə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Söhbət bunun ikinci hissəsindən, yəni təkrar və qabaqcadan əlbir olan qrup tərəfindən belə bir cinayətin törədilməsindən gedir.
Eyni zamanda, bu əməlin inzibati xəta kimi də tövsifi təklif olunur. Buna görə İnzibati Xətalar Məcəlləsinə, yəni gündəliyin 17-ci bəndinə keçirəm. İnzibati Xətalar Məcəlləsinə 199-3-cü maddə əlavə olunur. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə 2000 manatadək miqdarda cərimə nəzərdə tutulur. Deyim ki, kifayət qədər ciddi miqdardır.
Eyni zamanda, həm bunu təşkil etməyə, həm də qumar oyununda iştirak etməyə görə də inzibati məsuliyyət nəzərdə tutulur. Bu da cərimə formasındadır və 600 manatadək miqdarda cərimə ilə cəzalandırılmaq təklif olunur.
Hörmətli millət vəkilləri, təəssüf ki, milli mənəvi dəyərlərimizə, ümumiyyətlə, əxlaq qaydalarına zidd olan belə  hərəkətlər, hallar mövcuddur. Hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş bu layihələr bu cür halların qarşısının inzibati və cinayət məsuliyyəti yolu ilə alınmasına öz  təsirini göstərəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər haqqında fikrinizi bildirin. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İdeya olaraq mən bu dəyişikliyi dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Amma istərdim ki, bir qədər dəqiqləşdirmələr aparılsın. İstəyirəm, 192-1.2-ci maddədə nəzərdə tutulan bir müddəaya fikir bildirim. Burada yazılır ki, habelə xeyli miqdarda gəlir əldə etməklə bu əməllər törədildikdə. Yəni dövlətə ziyan vurulmasını başa düşdük. Amma kimsə nədənsə xeyli miqdarda gəlir götürübsə, bunun motivi dəqiqləşdirilməlidir. Bəli, ola bilər ki, dələduzluq yolu ilə, başqasının etibarından sui-istifadə etməklə, başqasını aldatmaqla xeyli miqdarda gəlir əldə eləyib. Amma insanı gəlir əldə etməyə görə bu cür kateqoriyaya aid eləmək, məncə, doğru olmaz. Onu bir qədər dəqiqləşdirmək lazımdır. Burada bir neçə yerdə bu müddəa yazılıb. Yəni külli miqdarda ziyan vurubsa, bu başqa məsələdir. Amma  aldatma, yaxud da dələduzluq yolu ilə  külli miqdarda gəlir əldə eləyibsə, onda onun üzərinə bu məsələ qoyula bilər.
İkinci, açığı, heç kimə sirr deyil ki, istər qumarxanalar olsun, istərsə də bu profilli müxtəlif fəaliyyətlər, bu, himayədən asılı olan məsələdir. Yəni himayəsi olmayan ayrı-ayrı şəxslərin, ya da qrupların belə bir əməl törətməsi qeyri-mümkündür. Bu, nəzərə alınmalı və məncə, himayə məsələsinə diqqət yetirilməlidir. Burada qulluq mövqeyindən sui-istifadə edərək bu cür fəaliyyətlə məşğul olan, yaxud da bu yerləri himayə eləyən vəzifəli şəxslərin məsuliyyət məsələsi xüsusi qeyd olunmalıdır. O birilər yerində qalmaq şərti ilə bunlar olmalıdır. Çünki biz korrupsiyaya qarşı mübarizə məsələlərində  mətbuatdan, televiziyadan eşidirdik ki, iki müəllim,  üç həkim tutuldu. 100, 200 manat alanı dərhal həbs edirlər, amma  daha böyük məbləğ alanlar barəsində  heç bir tədbir görülmür. Bu da onu göstərir ki, bu məbləğin aşağı olması, əslində, bu cinayətin yaranmasının əsas səbəbi sayıla bilir. Ona görə də bu məsələlərdə daha çox himayə eləyən şəxslərin üzərinə gedilməsi vacibdir. Çünki insanların çoxu işsizdir, müəyyən fəaliyyətlə məşğul olmaq istəyirlər. Çoxunun da qanundan xəbəri yoxdur və təbii ki, məsuliyyətdən azad olunmurlar. Bunlar nəyəsə arxayın olaraq belə fəaliyyətlə məşğul olurlar. Bu maddələrin qanun layihəsinə  salınması, məncə, yerinə düşür. Burada “vəzifəli şəxslər” sözlərinin olması vacibdir. Hesab edirəm ki, onda məsələyə daha əhatəli qayıda bilərik, çünki sonra yenidən biz bu məsələyə baxmalı olacağıq. Alt kateqoriyalı adamların məsuliyyətə cəlb olunması ilə kifayətlənmək olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Sədr, hörmətli həmkarlarım, Cinayət Məcəlləsinə edilən bu əlavələr haqqında qısaca fikrimi bildirmək istəyirəm. Əvvəla, qeyd edim ki, 192-1-ci maddənin bu gün Cinayət Məcəlləsinə əlavə olunması olduqca vacib bir məsələdir. Nəyə görə? Ölkədə kazinoların və digər qumar oyunları yerlərinin rəsmən bağlanmasından sonra artıq müəyyən işbazlar bunu çayxanalarda,  kafelərdə və sair yerlərdə həyata keçirirlər. Hər birimiz şahidik ki,  müxtəlif ictimai-iaşə yerlərində bu cür oyunlar təşkil olunur və bəzən onların qarşısında  onlarca, yüzlərcə insanlar durur. Bizim heç birimizə sirr deyil ki, bu gün az-çox tanıdığımız bəzi insanlar qeyri-rəsmi qumar oyunlarında, lotereyaların təşkilində və sair müflis olublar, evləri əllərindən çıxıb. Bunun nəticəsində pis yola düşüblər, oğurluq ediblər və sair. Ona görə belə hesab edirəm ki, qanunsuz olaraq keçirilən lotereya və mərc oyunları  qadağan olunmalıdır.
Amma burada bir şey var. Bu gün həm Cinayət Məcəlləsinə, həm də İnzibati Məcəlləyə əlavələrdən söhbət gedəcək və belə bir fikir formalaşmasın ki, bu təkrarçılıqdır,  həm inzibati məsuliyyət, həm də cinayət məsuliyyəti yaradacaq. Sadəcə olaraq, bunun şərhinə baxdıqda məlum olur ki, məsələ hər birində fərqli qoyulub. “Xeyli miqdar” məsələsində mən Fazil müəllimlə bölüşürəm, ola bilər ki, bu bir az dəqiqləşdirilsin. Amma qanunvericilikdə ziyanın miqdarı məsələsi müəyyən çərçivəyə salınıb. Bu baxımdan belə hesab edirəm ki, bu məsələdə cinayət tərkibinin yaradılması olduqca ədalətlidir.
Akkreditasiya olmadan idman mərc oyunlarının təşkili məsələsində də həm cəzanın sanksiyası, həm də onun dispozisiya hissəsi, elə hesab edirəm ki, olduqca əsaslandırılmışdır və bu məsuliyyət, doğrudan da, yaradılmalıdır.
244-1-ci maddə “Qumarxana təşkiletmə və ya saxlama” adlanır. Görürsünüz ki, burada söhbət, sadəcə olaraq,  qumar oyunlarının keçirilməsi üçün şəraitin yaradılmasından gedir. Burada  dövlətə dəyən hər hansı bir zərərin miqdarından söhbət getmir, sadəcə olaraq, bu yerlərin hazırlanması və saxlanması artıq cinayət məsuliyyəti yaradır. Mən belə hesab edirəm ki, öz mənzillərini, şəxsi mülkiyyətində olan kafeləri və digər müəssisələri qumarxanaya çevirən bəzi işbazlar artıq bu maddə qəbul olunduqdan sonra bir balaca çəkinəcəklər. 244-1-ci maddədə qumarxana təşkiletmə və ya saxlamadan söhbət gedirsə və bu, cinayət məsuliyyəti yaradırsa, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə, sadəcə olaraq, bu oyunlarda iştirak etməkdən söhbət gedir.  Yəni kimsə qumar  oyunlarında iştirak edəcəksə,  artıq onun inzibati qaydada cəzalandırılması məsələsi gündəmə çıxacaq. Mən elə hesab edirəm ki, bu dəyişikliklər lazımdır. Mən həmkarlarımı hər iki qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən də  2011-ci il payız sessiyasının ilk iclası münasibətilə hər birinizi təbrik edirəm və Milli Məclisə fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və hərtərəfli inkişafında parlamentin bu sessiyadakı fəaliyyət çox uğurlu, səmərəli, məhsuldar olacaqdır. Bir təhsil işçisi kimi çoxdandır ki, məni müxtəlif mərc xarakterli oyunların keçirilməsi məsələsi narahat edirdi. Belə ki, bəzən yetkinlik yaşına çatmayan, məktəbyaşlı uşaqların bu oyunlara qoşulması  hallarına rast gəlinirdi. Hər birinizə məlumdur ki, bu da, təbii ki, onların təhsil prosesindən yayınmasına gətirib çıxarmaqla yanaşı, həm də gələcəkdə arzuolunmaz yollara düşməsi şansını artırırdı.
Hər birimizə də yetkinlik yaşına çatmayanların psixologiyası, xüsusiyyətləri və onların olduqca tez təsir altına düşmələri məlumdur. Məhz bu baxımdan hökumətin son dövrdə bu istiqamətdəki fəaliyyəti alqışa layiqdir. Bu sahədə qanun-qaydanın yaradılması, akkreditasiya prosedurunun müəyyənləşdirilməsi qeyd etdiklərimlə yanaşı, iqtisadi baxımdan da qanunsuz  sahibkarlıq fəaliyyətinin, vergidənyayınma hallarının qarşısının alınmasına gətirib çıxarmaqdadır ki, bu da çox müsbət haldır.
Mən İnzibati Xətalar Məcəlləsinə təklif edilən bütün dəyişiklikləri dəstəkləyirəm. Onu da təklif edirəm ki, bu fəaliyyətə nəzarət edən qurumlar müvafiq yaş həddinə çatmayan şəxslərin bu cür mərc oyunlarında iştirakına nəzarəti gücləndirsinlər. Yetkinlik yaşına çatmayanların bu cür oyunlarda iştirakına şərait yaradan şəxslərlə bağlı ayrıca bir ciddi cərimə növü tətbiq olunması variantı nəzərdən keçirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Həmkarlarım qeyd etdilər, mən də bu qanun layihəsinin tərəfdarıyam, amma 199-3-cü maddə ilə o qədər də barışa bilmirəm. Burada lotereyaların buna hüququ olmayan şəxs tərəfindən keçirilməsinə görə cərimə nəzərdə tutulur. Əgər onlar bundan milyonlar qazanırlarsa, 1500–2000 manat cərimə verməyə nə var ki? Hüquqşünas deyiləm, ola bilsin, səhv edirəm, amma mənə belə gəlir ki, bu məsələnin qadağan olunması yerinə düşərdi. Əgər onun hüququ,  səlahiyyəti yoxdursa, o adamdan niyə cərimə alınsın? Türkiyədə bunların hamısı ləğv olunub. Qumar oynamaq istəyən gedib Kiprdə oynayır. Bizdə, Azərbaycanda bu niyə olmalıdır? Özü də mənəviyyatımıza da zərərdir, cibimizə də – hər şeyə də. Mən başa düşürəm, qanun gəlib. Amma  milyon qazanır, 1500–2000 manat cərimə vermək onun üçün heç bir şeydir. Bilmirəm, hörmətli həmkarım Əli müəllim buna necə baxır, bəlkə bu qanun üzərində bir az fikirləşək. Sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən də bu qanun layihəsi ilə bağlı fikrimi sizinlə bölüşmək istəyirəm. Əvvəla, Eldar müəllim, mən Sizinlə tamamilə razıyam ki, qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkil edilməsi və ya keçirilməsi, qumarxanaların saxlanılması təkcə hər hansı cəza məsələsi deyil, həm də cəmiyyətdə mənəvi-əxlaqi məsələdir. Sizin yadınızdadır, ümumiyyətlə, 1990-cı illərin əvvəllərində qumar oyunlarının, qeyri-qanuni mərc oyunlarının keçirilməsi nə qədər ailələri dağıtdı. Olan-qalanlarını aparıb qumara qoyurdular və nəticədə ailələr dağılırdı. Doğrudan da, bunun çox böyük mənəvi-psixoloji əhəmiyyəti var. Amma Eldar müəllim, məsələ ondadır ki, biz lotereyalarla bağlı qanun qəbul etmişik. Qanuni olaraq belə oyunlar keçirilə bilər, amma  burada qanunsuz olaraq keçirilən oyunlar nəzərdə tutulur. Qanuni olaraq lotereya və mərc oyunları keçirilə bilər. Bunun üçün dövlət orqanları mövcuddur,  bunu yalnız onlar keçirə bilərlər. 
Burada Fazil müəllim və Çingiz müəllim “xeyli miqdarda gəlir əldə etmək”lə bağlı məsələyə toxundular. Əvvəla, “xeyli miqdarda gəlir əldə etmək” nə deməkdir? “Xeyli miqdarda gəlir”in anlayışı Cinayət Məcəlləsində var. Mən hesab edirəm ki, bu qalmalıdır, Fazil müəllim. Niyə? Ona görə ki, söhbət qanunsuz  olaraq təşkil edilmiş lotereya və idman mərc oyunlarından gedir. Əgər bu gəliri qanunsuz olaraq əldə edibsə, bunun bir adı var – kriminal. Bu, qanunsuz gəlir əldə edib. İndi biz buna deyək ki, yaxşı, bağla, qazandığını da götür, çıx get? Bu olmaz axı. Hesab edirəm ki, yerində olan məsələdir, belə də qalmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, əlavəniz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, sadəcə, Ziyafət müəllimə və Çingiz müəllimə təşəkkür edirəm, 192-ci maddə ilə bağlı  çox düzgün dəqiqləşdirmə aparıblar. Yeganə bir sualımız qalır. Söylədilər ki,  vəzifəli şəxs kimisə himayə edir. Demək istəyirəm, onunla bağlı bizim Cinayət Məcəlləsində xüsusi bir fəsil var. Vəzifə cinayətləri ilə bağlı 308-ci maddə mövcuddur. Yəni bu cinayət istintaqı zamanı əgər belə hal aşkarlanarsa, onda bu maddə ilə vəzifəli şəxsə vəzifə cinayətləri ilə bağlı ittiham verilir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə         99
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.18 dəq.)
Lehinə         97
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bildiyimiz kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xüsusi Qanunda öz əksini tapıb. Eyni zamanda, məlumdur ki, daşınmaz əmlakın dövlət qeydiyyatı və reyestri ilə bağlı, təəssüf ki, bir sıra problemlər mövcud olub. Bu yaxınlarda cənab Prezidentin tapşırığı, ciddi iradları, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyada keçirilmiş müzakirələr, hesab edirəm ki, müəyyən mənada öz bəhrəsini verib və bu sahədə təcrübə baxımından irəliləyişlər mövcuddur.
Hazırda təqdim olunmuş qanun layihəsi isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məsələlərinin vətəndaşların xeyrinə daha  düzgün tənzimlənməsinə xidmət edir. İlk növbədə qeyd etməliyəm ki, əlavə olunan 139-1-ci maddə daşınmaz əmlak üzərində əmlakın reyestri ilə bağlı qanunvericilikdə olan müddəaların daha dəqiq formada Mülki Məcəlləyə keçirilməsidir. Çünki vətəndaşlar notariat orqanları ilə,  daşınmaz əmlak orqanları ilə təmasda olarkən ilk növbədə bu, mülki münasibətlərdir və Mülki Məcəllə ilə tənzimlənir.
Eyni zamanda, 144-cü maddə çox vacib bir müddəadır. Burada söhbət  ondan gedir ki, barəsində sərəncam verilən daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında fərq olarsa, bu uyğunsuzluq daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsinə əsas vermir. Təəssüf ki, belə hallar mövcuddur. Misal üçün, insanlar alğı-satqı həyata keçirirlər və əmlakın müəyyən bir hissəsi üzərində daşınmaz əmlak rəsmiləşdirilməyib. Təbii ki, belə əqdlər zamanı problemlər yaranır. Əlbəttə, ilk növbədə alıcı daşınmaz əmlak üzərində hüququ olan bir şəxs olmalı və rəsmiləşmiş bir əmlakla təmasda olmalıdır. Bu müddəa, təbii ki, tərəfləri məcbur edəcək ki, onlar ilk növbədə mütləq daşınmaz əmlak üzərində hüquqları  tanısınlar.
Yeni əlavə olunmuş 144.2-ci və 144.3-cü maddələr də bu məsələlərin notarius tərəfindən tənzimlənməsinə həsr olunub. Əgər 144.2-ci maddəyə fikir versəniz, görərsiniz ki, burada notarius orqanlarının üzərinə çox ciddi vəzifələr qoyulur. Notarius orqanlarının qarşısında onlayn rejimində, yəni elektron variantda sənədlərin qəbul olunması və iki gün müddətində təsdiq edilmiş müqavilənin nüsxəsinin poçt vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərilməsi bir vəzifə kimi qoyulur.
144.3-cü maddədə isə qeyd olunur ki, şəxsin istəyi ilə (əgər vətəndaş bunu istəyirsə) daşınmaz əmlak üzərində rəsmiləşdirilmə notarius vasitəsi ilə həyata keçirilə bilər. İndiki vəziyyətdə o, reyestr orqanlarına müraciət etməlidir. Hazırda biz burada notariusun üzərinə də bir başqa vəzifə qoyuruq. Əgər vətəndaş müraciət edibsə, əgər vətəndaş bunu istəyirsə,  bir əməliyyat keçirilərkən, bir əqd bağlanarkən notarius orqanına müraciət edibsə, onun üzərinə də belə bir vəzifə qoyulur ki, o, digər bir qeydiyyat orqanı ilə bizim burada müəyyən etdiyimiz müddətdə rəsmiləşdirməni həyata keçirsin. Hesab edirəm, bu, kifayət qədər sivil qaydadır və vətəndaşlar üçün şərait yaradır ki, onlar qeydiyyat orqanlarına müraciət etməsinlər, orada gözləməsinlər. Hər halda bu, vətəndaşa bir seçim verir.
Bir daha vurğulayıram, həmin maddədə xüsusi olaraq yazılıb: “müraciət edən şəxsin istəyi ilə”. Əgər istəməzsə, təbii ki, müəyyən olunmuş digər qaydada, yəni özü müraciət etməklə bunu həll edə bilər. Amma hörmətli millət vəkilləri, qeyd etmək istəyirəm, ümumiyyətlə,  qeydiyyat orqanları ilə təmasla və mövcud olan problemlərin həlli ilə bağlı müasir təcrübə ilk növbədə onlayn rejimində, elektron variantda müraciət edilməsi ilə bağlıdır. Misal üçün, əgər notarius orqanına müraciət edibsə, onun digər vəzifələri həyata keçirməsi ilə bağlıdır. Hesab edirəm ki, Mülki Məcəlləyə təqdim edilən bu əlavələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının daha səmərəli həyata keçirilməsinə köməklik göstərəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mülki Məcəlləyə təklif olunan 139.1-ci, 144.2-ci və 144.3-cü maddələr hüquqi baxımdan olduğu kimi, praktik baxımdan da çox əhəmiyyətlidir. Mən bu əlavələri ürəkdən alqışlayır və cənab Prezidentə çoxminli seçicilərim adımdan dərin təşəkkürümü bildirmək istəyirəm. Bu  dəyişiklik illərdən bəri yığılıb qalan və mən deyərdim ki, on minlərcə vətəndaşımızın baş bəlasına çevrilən bir məsələnin kökündən həllinə xidmət edəcəkdir.
Müsbət haldır ki, Mülki Məcəlləyə təklif olunan 139.1-ci maddədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret göstərilmişdir. Həmçinin çox mühüm məsələ də ondan ibarətdir ki, 2004-cü il avqustun 10-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərindəki hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri də dövlət qeydiyyatı üçün əsasdır.
Hamımıza məlum olduğu kimi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müvafiq dövlət qurumları tərəfindən həllolunmaz bir hala gətirilir. Belə demək mümkündürsə, dalana dirənir. Vətəndaşlar illərcə get-gələ salınır. Əllərində bələdiyyələrin, icra hakimiyyətlərinin müvafiq sərəncamları, aktları, bir sözlə, rəsmi sənədləri olduğu halda bürokratik əngəllərdən dolayı heç cür daşınmaz əmlakı dövlət qeydiyyatına saldıra bilmirlər. Bəhanələr müxtəlif olduğu qədər gülünc və demək olar ki, qeyri-qanunidir. Məsələn, təzə təyin edilən icra hakimi açıq şəkildə bildirir ki, ondan əvvəl verilən sərəncamı tanımır və tikilini, obyekti hətta məhkəmə qərarı olmadan sökməyə başlayır.
Digər bəhanə də odur ki, filan sərəncam 1992–1993-cü illərdə, yəni hərc-mərclik dövründə verilib və ona görə etibarsızdır. Bu kimi bəhanələr, əslində, dövlətçiliyin sütunu olan vərəsəlik prinsiplərinə ziddir və insanlarda dövlətçiliyə qarşı inamsızlıq yarada bilər. Təsəvvür edin ki, bizim Milli Məclisimiz təzə deputat tərkibi, təzə rəhbərliklə işə başlayır,  özündən əvvəlki çağırışlarda qəbul edilən qanunları inkar edir və qanunvericilik bazasını yenidən yaratmağa başlayır. Onda respublikada nə baş verə bilər? Bunu təsəvvür etmək belə çətindir. Biz köhnə qanunları ancaq və ancaq təkmilləşdirə bilərik və bunu edirik. Həmin hal icra və bələdiyyə strukturlarında da hökm sürməlidir. Yəni onlar bir-birinin sərəncamlarına, vətəndaşlara verilən mülkiyyət sənədlərinə hörmətlə yanaşmalı və bu sənədlər dövlət qeydiyyatı üçün əsas olmalıdır.
Cənab Prezident də dəfələrlə bu barədə  tapşırıqlarını  vermiş və bildirmişdir ki, vətəndaşların daşınmaz əmlakının dövlət qeydiyyatına alınması, lazımi sənədlərin verilməsi sürətləndirilsin. İndi daha da irəli gedərək hörmətli Prezidentimiz bütün bu bürokratik əngəlləri, demək olar ki, kökündən kəsir. Mən düşünürəm ki, təklif olunan bu əlavələr məhz ölkə başçısının siyasi iradəsinin məntiqi və hüquqi sonluğudur. İnanmaq istərdim ki, Mülki Məcəlləyə edilən bu dəyişikliklər tez bir zamanda hüquqi qüvvəyə minərək daşınmaz əmlak bazarındakı vəziyyəti əsaslı şəkildə yaxşılığa doğru dəyişəcək. Hesab edirəm ki, Mülki Məcəlləyə edilən bu dəyişiklik sayəsində xeyli sayda vətəndaşımızın problemi həll olunacaqdır. Bu dəyişikliyin əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri işçilərindən çox xahiş edərdim ki, bunun  mahiyyətini ictimaiyyətə ətraflı çatdırsınlar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən.  Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən 139-1.1.1-ci maddə ilə bağlı təklifimi vermək istəyirəm. Burada qeyd olunur ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Oqtay müəllim, biz “Normativ hüquqi aktlar haqqında” Qanun qəbul etmişik. Biz çalışmalıyıq ki, bu yayğın ifadələri, qanunu müxtəlif cür şərh etmək imkanlarını maksimum dərəcədə məhdudlaşdıraq. Ona görə də  “qanunla müəyyən edilmiş qaydada” sözləri buradan çıxarılmalıdır. Qeydiyyat orqanının imkanı yoxdur, bələdiyyə, yaxud icra hakimiyyəti orqanının qəbul etdiyi qərarın qanuni, yoxsa qeyri-qanuni olduğunu müəyyənləşdirsin. Onların bu imkanı yoxdur. 
139.1.1.2-ci maddədə də eyni qaydada qeyd olunur ki, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol. 139-1.4-cü maddədə isə yazılır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Yəni qeydiyyat üçün nələr əsas ola bilər. Onda mən təklif edirəm, əgər biz hər yerdə “qanunla müəyyən olunmuş qaydada” yazırıqsa, onda burada da yazaq ki, qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Belə bir şey yazmaq olar? Olmaz. Necə ki biz məhkəmənin qərarını bir hüquqi sənəd kimi qəbul ediriksə, eyni ilə icra hakimiyyətinin, bələdiyyənin qəbul etdiyi aktlar, sənədlər qeydiyyat üçün əsas olmalıdır.
Yaxşı, indi qeydiyyat idarəsinin əməkdaşı necə müəyyənləşdirsin ki,  bələdiyyənin üzvü bu qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edib, yoxsa yox? Qərar ora daxil olur, bu, artıq yetərlidir. Bu həm sui-istifadə hallarına yol açır, həm də biz onları çox çətin bir vəziyyətdə qoyuruq. Sabah hər hansı bir şəxsin yaxasından yapışacaqlar ki, sən niyə yoxlamamışdın ki, bu qanunla müəyyən olunmuş qaydada qəbul olunub, yoxsa yox. Ona görə də  hər iki bənddən “qanunla müəyyən edilmiş qaydada” sözləri çıxarılmalıdır.
Hamı bilir ki, hərracı xüsusi ixtisaslaşdırılmış təşkilat keçirə bilər. Nəticədə həmin hərracın nəticələrinə dair akt tərtib olunur. O akt  kifayət edir ki, qeydiyyat orqanı onun əsasında qərar qəbul etsin. Gələcəkdə kim isə bunu şübhə altına alacaqsa, qoy məhkəmə qaydasında dartışsın ki, icra hakimiyyəti o qərarı qanunauyğun qəbul etməyib. Bunun qeydiyyat orqanına heç bir aidiyyəti yoxdur və biz bununla vətəndaşlarımızın  vəziyyətini ağırlaşdırır, qeydiyyat orqanının əməkdaşlarının da üzərinə əlavə məsuliyyət qoyuruq.
144.2-ci maddəyə biz 4-cü cümlə əlavə edirik. Burada hörmətli Əli müəllim qeyd elədi. “Barəsində sərəncam verilən daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluq mövcud olduğu halda notarius tərəfindən daşınmaz əmlakın yalnız qanuna uyğun olaraq əldə və inşa edilmiş hissəsi üzərində sərəncam verilməsi təsdiqlənir və bu hal uyğunsuzluq təşkil edən hissədə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsinə əsas vermir”. Bax, mən ind hörmətli Əli müəllimdən soruşmaq istəyirəm ki, burada bu texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluğu kim aydınlaşdıracaq?
Mən qeydiyyat idarəsinə sənəd təqdim edirəm ki, baxın, mənim  filan qəsəbədə iki mərtəbəli evim var. Belə çıxır ki, qeydiyyat idarəsinin nümayəndəsi onu qeydiyyata almamışdan qabaq ora getməlidir və ölçməlidir ki, bu, icra hakimiyyətinin sərəncamında göstərilən kvadratmetr ölçüdədirmi, mərtəbəsinin sayı o qədərdirmi. Bunu yoxlamaq üçün qeydiyyat idarəsinin fiziki və texniki imkanları varmı? Sözsüz ki, qeydiyyat idarəs yalnız ona təqdim olunmuş sənəd əsasında qeydiyyat aparır. Əgər o orada artıq bina tikibsə, buna nəzarət eləməli olan başqa orqanlar var, o, qeydiyyat idarəsinin vəzifəsi deyil. Sabah dediyim kimi, problem yarana bilər. Qeydiyyat idarəsinin nümayəndələri ortaya düşəcəklər ki, misal üçün,  sənin otağının sahəsi iki kvadratmetr artıqdır, yaxud başqa bir problem var. Yəni fiziki və texniki baxımdan biz icrası mümkün olmayan məsələlərlə bağlı qeydiyyat orqanlarına səlahiyyət veririk. Mən  hesab edirəm ki, bu, vətəndaşlarımızın vəziyyətini ağırlaşdırır və qeydiyyat idarəsinin əməkdaşlarını da pis vəziyyətdə qoyur. Ona görə də hesab edirəm ki, bu formada olmaz və qeyd etdiyim müddəalar mütləq buradan çıxarılmalıdır. Bunlar dediyim kimi, neqativ hallara yol açan müddəalardır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mülki Məcəllə həyatımızın bütün sahələrində hər gün üzləşdiyimiz və  müəyyən məsələləri tənzimlədiyimiz qanunvericilikdir. Biz hər an Mülki Məcəlləyə istinad edirik və belə hesab edirəm ki, Mülki Məcəlləyə edilən dəyişikliklər, əlavələr o qədər konkret və dürüst olmalıdır ki, bundan  sui-istifadə halları baş verməsin və insanlarımız çox sadə və hüquqi dildə bu məsələləri qavraya bilsinlər.
Bu gün Mülki Məcəlləyə edilən əlavədə – 139.1-ci maddədə çox düzgün olaraq konkret sadalanır ki, hansı sənədlər təqdim edildikdə  qeydiyyat rəsmiləşə bilər. İndiyə qədər sənədlər təqdim edilərkən bir notarius bir sənəd istəyirdi, digər notarius başqa sənəd. İnsanlara əziyyət verirdilər və bunun arxasında da nəyin durduğunu, mənə elə gəlir ki, hamımız çox yaxşı bilirik. Artıq bu qanun layihəsi qəbul ediləndən sonra mən belə hesab edirəm ki, hər hansı bir əyintiyə, hər hansı bir qanunsuz tələbə yol olmayacaq və ən azı vətəndaş da  biləcək ki, konkret hansı sənədləri təqdim etməlidir. Həmkarım Qüdrət müəllimin dediyi 139-1.1.1 və 139-1.1.2-ci maddələrdə elə hesab edirəm ki,  konkretliyi daha çox  gözləmək lazımdır. Bunu bir az qısaldaraq  konkret, düzünə göstəriş versəniz daha başa düşülən olardı.
Burada bir maraqlı məqam var, istəyirəm, həmkarlarım da  bunu bilsin.  2004-cü ilin avqustun 10-dək verilmiş  mülkiyyət hüququnu təsdiq edən sənədlər notariuslar tərəfindən qəbul olunmurdu. Vətəndaş notariusa müraciət edərkən bu hüququ bilmədiyinə görə müəyyən əziyyətlərlə üzləşirdi və bəzən də onlara deyirdilər ki, get, reyestrdən çıxarış al. Bəzən də kimlərsə araya girirdi, bunu nizamlamağa çalışırdı. Amma  bu gün   139-1.1.8-ci maddənin bura əlavə edilməsi, belə hesab edirəm ki, artıq bu xoşagəlməz hallara son qoyacaqdır. Elmira xanım da çox düzgün olaraq bunu vurğuladı.
144.2-ci maddədək uyğunsuzluqla bağlı fikrimi bildirmək istəyirəm. Xatırlayırıq ki, bir müddət əvvəl dövlət reyestr orqanlarının nümayəndələri insanların evinə gedirdilər, ölçürdülər və müəyyən problemlər yaranırdı. Bir neçə il bundan öncə bu hal daha çox idi. Sonra bu hallar  qadağan olundu. Burada söhbət nədən gedir? Bir balaca qabağı görə bilən bir insan evini satmaq niyyətində olanda kiminləsə ra-zılaşaraq,  tutaq ki, bir balkon  və yaxud  birinci mərtəbədədirsə, evinin qarşısında əlavə bir 30-40 kvadratmetrlik  otaq inşa edirdi. Rəsmi sənəddə 100 kvadratmetr olan mənzil artıq faktiki 150 kvadratmetrdir. Bu adam da mənzili satarkən 150 kvadratmetrlik mənzilin danışıqların aparırdı və ona uyğun da pul alırdı. Amma indi onun üzərində başqa bir məsuliyyət yaranacaq və o bu hissəni sata bilməyəcək. Bundan ötrü mütləq onu rəsmiləşdirməlidir və müvafiq dövlət orqanlarından razılıq almalıdır. İkinci tərəf, alıcı isə artıq əlavə tikinti üçün pul verməyəcək və haqlı olaraq iradını bildirəcək ki, nə qədər ki rəsmiləşməyib, bunun alğı-satqısı mümkün deyil. Notariat kontorlarının üzərinə qoyu-lan bu vəzifə, mənə elə gəlir ki, tərəflərin birinin aldadılmasına son qoyacaq.
Əli müəllim 143.3-cü maddədəki müraciət edən şəxsin istəyi ilə rəsmiləşmiş sənədlərin  reyestr orqanlarına göndərilməsi barədə danışdı. Mən təklif edərdim ki, bu, “istəyi ilə” deyil, daha sivil qaydada olsun və insanların rahatlığı üçün qeyri-qanun hərəkətlərə yol verilməsin. Mən çox istərdim ki, müraciət əsasında yox, elə birbaşa notariusun üzərinə vəzifə qoyulsun ki, 24 saat müddətində və yaxud müəyyən müddətdə konkret olaraq bu sənədləri dövlət rey-estr xidmətinə göndərsin. Bir anlıq gözümüzün qarşısına gətirək, bu gün həm dövlət reyestr xidmətinin,  həm də no-tariat kontorlarının qarşısında yüzlərcə insan  növbəyə durur, sənədləri vermək üçün adam axtarır və sair. Amma mən belə hesab edirəm ki, o, notariat orqanları tərəfindən göndərilsə, insanlar bu qədər əziyyət çəkməzlər. Bununla belə, qeyd etmək istəyirəm ki, qanunda əgər “istəyinə uyğun olaraq”  yazılıbsa, bu gün bizim vətəndaşlarımızın, yəqin ki, böyük əksəriyyəti bu vəzifəni dövlət orqanı olan notariusun üzərinə qoymaqda maraqlı olacaq. Belə hesab edirəm ki, bu əlavə və dəyişikliklər bu gün  minlərcə vətəndaşımızın belə  əsassız əziyyət çəkmələrinin, xoşagəlməz hallara yol verilməsinin qarşısını alacaq. Ona görə də həmkarlarımı bu dəyişikliklərə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov buyursun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən çox şadam ki, burada qanunun predmeti ilə bağlı çox yaxşı müzakirə gedir. Burada Qüdrət müəllim 139.1-ci və digər maddələrlə bağlı fikrini söylədi. Əlbəttə, burada müəyyən qədər məntiq var. Mən onu qəbul edirəm, amma, Qüdrət müəllim, burada bir məsələ var. Burada söhbət daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından gedir. Bu əsas nə ola bilər? “Qanunla müəyyən ol-unmuş qayda”. Bu, başqa yerdə ola bilməz ki.
İndi təsəvvür eləyin, tutaq ki, hər hansı bir torpaq sahəsinə 2 adamın sənədi var. O sənədin biri qanunla müəyyən olunmuş qaydada verilibdir. Yəni ola bilsin, bu qayda Mülki Məcəllə, yaxud  göndərici norma ilə başqa qanunla tənzimlənir.  “Qanunla müəyyən olunmuş qayda” həm vətəndaşın vəziyyətini asanlaşdırır, həm də o daşınmaz əmlak üzərində qeydiyyatı aparan hüquqi şəxsin məsuliyyətini artırır, çünki burada yazılıb ki, qanunla müəyyən ol-unmuş qaydada. Bu da istər-istəməz buna əməl edəcək.
İndi Qüdrət müəllim deyir ki, o bunu haradan tapsın. Daşınmaz əmlakın qeydiyyatı idarəsində informasiya bankı var və bütün məlumatlar onlara daxil olur. Hətta bələdiyyələr  kimə nə qədər torpaq sahəsi veriblərsə, hamısı  o banka yığılıb. Həm notariat orqanı, həm vətəndaş, həm də  daşınmaz əmlakı qeydə alan orqan üçün bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin ki, biz “qanunla müəyyən ol-unmuş qaydada” sözlərini çıxardıq. Bəs hansı qaydada? Bu, əsasdır axı. 
Fikir verin, 109-1-ci maddədə yazırıq: “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar”. Bu əsaslar da qanunda müəyyən olunur da. İndi onu çıxaraq, hərə  özü üçün əsas müəyyən eləsin? Sabah torpaq sahəsi üzərində sənədi olan iki vətəndaşdan biri gəlir və məlum olur ki, bunun sənədi saxtadır, amma o biri vətəndaşa qanunla müəyyən olunmuş qaydada sənəd verilibdir. Hər şey qaydasındadır, çünki bunun  hüquqi nəticəs məhkəmədə olacaq. Hüquqi nəticə üçün o məhkəmə mütləq lazımdır. Bilinməlidir ki, kimin sənədi saxtadır, kimin sənədi qanuna müvafiqdir.
Yeri gəlmişkən, mən bir şeyi deyim. “Qanunla müəyyən olunmuş qaydada” ifadəsi qanunvericilik texnikamızda qəbul olunmuşdur. Özü də yaxşı ifadədir. İndi bundan daha yaxşı ifadə tapa bilsək, onu da yaza bilərik. Amma bu, artıq vətəndaşlıq hüququ qazanmış bir ifadədir və  qanunun mahiyyətinə qoyulmuş fikri də özündə yaxşı ehtiva edir. Məncə, bu, normaldır,  burada olmalıdır. Təşəkkür edirəm, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, hərə öz fik-rini bildirdi, burada polemika açmayacağıq ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Q.Həsənquliyev. Ziyafət müəllim, bu məsələyə aydınlıq gətirdiyinizə görə çox sağ olun. Amma söhbət ondan gedir ki, niyə məhkəmə qərarı ilə bağlı məsələdə yazmırlar ki, qanunla müəyyən olunmuş qaydada qüvvəyə minmiş məhkəmə qərarı olduqda bu əsasdır?  Söhbət nədən gedir? Sizin dediyiniz kimi, əgər 2 sənəd varsa, o sənədlərin hansının qanunauyğun qəbul olunub-olunmaması məsələs məhkəmə predmetidir. Tərəflər məhkəmədə dartışmalıdır, bunu məhkəmə müəyyənləşdirməlidir. Biz indi qeydiyyat idarəsinə imkan veririk ki,  bu bələdiyyə aktının, yaxud icra hakimiyyətinin aktının qanunauyğun qəbul olunub-olunmaması məsələsini özü müəyyənləşdirsin.
Mən deyirəm, “qanunla müəyyən olunmuş qaydada” sözləri çıxarılmalıdır. Qeyd   olunmalıdır  ki,  qeydiyyat   idarəs   üçün   əsas,  tutaq   ki,    icra hakimiyyətinin qərarıdır. Əgər ikinci bir qərar da daxil olursa, onda qeydiyyat idarəsi deyə bilər ki, gedin, məhkəmə qaydasında araşdırın. Qeydiyyat idarəsinin bələdiyyənin, yaxud icra hakimiyyəti orqanının qərarlarının qanuniliyini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Söhbət bundan gedir ki, biz bu səlahiyyəti versək, onların buna nə fiziki, nə də texniki imkanları var. Belə bir səlahiyyətin qeydiyyat idarəsinə verilməsinin özü doğru deyil. Mən, sadəcə olaraq, bunu bir arayış kimi verdim,  yəni nizamnaməyə görə hüququm var idi. Oqtay müəllim, çox sağ olun ki, bu imkanı yaratdınız.
Sədrlik edən. Ziyafət Əsgərov, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Qüdrət müəllim, mən üzr istəyirəm, burada söhbət nədən gedir? Əgər Siz fikir versəniz, misal üçün, bizim Konstitusiyamızda təqsirsizlik prezumpsiyası ilə bağlı yazılıb. Qanunla müəyyən olunmuş qaydada məhkəmənin hökmü yoxdursa, vətəndaş təqsirli hesab edilə bilməz. İndi burada nə üçün “qüvvəyə minmiş məhkəmə qərarı” yazılır? Ona görə ki, məhkəmə qərarı artıq bitmiş prosesdir, amma qeydiyyata alma hələ bitməyib. Ona görə də mütləq biz qanuna  istinad eləməliyik. Məhkəmə qərarı qəbul olunubsa, artıq bu qanunla müəyyən edilmiş qaydada bütün istintaq hərəkətləri başa çatıb. Gəlib məhkəmə qərarı çıxarıb. Axı hələ burada proses gedir. Ona görə də istəsə də, istəməsə də qanuna əsaslanmalıdır. Bir var başa çatmış proses, bir də var davam edən proses. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gözəl hüquqi polemikaya qulaq asdıq. İndi xahiş edirəm, məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə         91
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələmiz “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bir neçə il bundan əvvəl “Konsti-tusiya Məhkəməsi haqqında” Qanun yenidən qəbul olundu. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73.8-ci maddəsi Konstitusiya Məhkəməsinin hakimi kimi çalışmayan və ya pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsi hakiminin sosial-maddi təminatını tənzimləyirdi. Mövcud vəziyyət belədir ki, istefada olan Konstitusiya Məhkəməsinin hakimi işə düzələnədək dövlət büdcəsi hesabına iki il müddətində hər ay fəaliyyətdə olan hakimin aylıq vəzifə maaşının 80 faizi məbləğində pul təminatı alır.
Ümumiyyətlə, xüsusi olaraq vurğulamaq istəyirəm ki, Konstitusiya Məhkəməsinin hakimlərinin sosial-maddi təminatı, təbii ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunda öz əksini tapıb. Amma Konstitusiya Məhkəməsinin cəmiyyətdə, dövlət idarəçiliyində xüsusi rolu nəzərə alınaraq hələ 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin  onların sosial təminatı ilə bağlı xüsusi bir fərmanı olmuşdur. 2004-cü ildə də  bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyevin fərmanı olmuşdur.
Hazırda  Konstitusiya Məhkəməsi hakimlərinin təminatı ilə bağlı daha qabaqcıl beynəlxalq təcrübə rəhbər tutularaq, o cümlədən Konstitusiya Məhkəməsinin təkcə bir məhkəmə orqanı kimi yox, həm də Konstitusiyaya nəzarəti orqanı kimi xüsusi bir statusunu nəzərə alaraq cənab Prezident tərəfindən 73.8-ci maddə yen redaksiyada təklif olunur: “İstefada olan Konstitusiya Məhkəməsinin hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alır”. Xüsusi vurğulamaq istəyirəm ki, Konstitusiya Məhkəməsinin hakimi ancaq bir dəfə seçilə bilər. Yəni bizim sonuncu  qanunla əvvəlkindən fərqli olaraq ancaq bir dəfə 15 il müddətinə seçilə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədovun sualı var. Buyursun.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Əli müəllim, mən başa düşmədim, Konstitusiya Məhkəməsinin hakiminə bu vəzifə maaşının verilməsi nə ilə əlaqədardır? Bunlar, ümumiyyətlə, hansı kateqoriyaya aid insanlardır? Yəni bunlar deputatlardan artıqdır? İşləməyə-işləməyə buna aylıq vəzifə maaşı dövlət büdcəsindən verilməlidir? Bu haradan götürülür? Bu nəyə uyğundur? Bunu başa düşə bilmədim. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən tam səmimi etiraf eləyim ki, indiyə qədər Milli Məclisə çox sayda qanun layihələri gəlib, amma mən bu qədər anlaşılmaz bir sənədə rast gəlməmişəm. Cənab Prezidentin imzası ilə gəldiyinə görə biz, əlbəttə, buna hörmətlə yanaşmalıyıq. Amma mənə elə gəlir ki, düzgün izah edilməyibdir. Bu olduqca ciddi problemlər yaradacaq.
Çox hörmət elədiyim Əli müəllim burada dedi ki, Konsti-tusiya Məhkəməsinin cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq. Yaxşı, bu Milli Məclisin cəmiyyətdə ümumi rolu var? Milli Məclisin də cəmiyyətdə xüsusi yeri var və Konstitusiyada hansı hakimiyyət qanunvericilik hakimiyyətindən üstün tutulur? Hakimiyyətlər bölgüsü silsiləsində  məhkəmə orqanının qanunvericilik orqanından üstünlüyü  hər hansı bir şəkildə nəzərdə tutulmur axı.
Üstəgəl keçmiş qanunun özü də bu imtiyazı əlavə verib. Milli Məclisin deputatları işə düzələnə qədər dövlət büdcəsi hesabına bir il müddətində hər ay fəaliyyətdə olan deputatın maaşının 80 faizi məbləğində pul təminatı alırdı. Konstitu-siya Məhkəməsinin hakimi isə 2 il müddətində bunu alırdı. Bu, əlavə imtiyaz deyilmi?
İkinci bir dəyişiklik də nəzərdə tutulur, qeyri-müəyyən bir formul təklif olunur. Əvvəllər pensiya yaşına çatmamış iste-fada olandan söhbət gedirsə, indi o pensiya yaşına çatmamış da çıxarılır. Belə çıxır ki,  pensiya yaşına çatanda əlavə bir pensiya da almalıdır. Yəni bu qədər qarışıq bir təklifin or-taya qoyulması, məncə, yanlışdır. Bu, izah olunsa, məncə, bunu göndərən subyektin özü də bunun bu qurumlar aras-ında müəyyən ziddiyyət yaradacağını  qəbul eləyər. Bu, do-ğru yanaşma deyil.
Kifayət qədər təminat vardır və istefa verəndən 1 il, 2 il, 3 il sonra heç bir yerdə işləməyə ehtiyac yoxdur ki. Onda bunu Milli Məclisə,  Ali Məhkəmənin hakimlərinə də tətbiq eləməliyik. Niyə biri o birindən üstün olmalıdır? Bu məsələni müzakirəyə çıxarmaq yanlışdır. Məsələnin əleyhinə səs verəcəyəm. Konstitusiya Məhkəməsinin hakimlərinə kifayət qədər hörmətim var və o qurumun əhəmiyyətini də qeyd eləmək istəyirəm. Amma bu qurumlar arasında bu qədər difer-ensiasiya,  fərqlilik yaratmaq  qanunvericilik orqanını, digər qurumları hörmətdən salmaq deməkdir.
İnşallah, eks-prezidentlər haqqında qanun qəbul olunacaq və bu çox müsbət bir addımdır. Deyək ki, eks-prezidentlərin təminatı yüksək səviyyədə nəzərdə tutuldu və Konstitusiya Məhkəməsi hakimləri ilə bağlı da bu qanun qəbul olundu. Bəs Milli Məclis? Xarici ölkələrin  təcrübəsindən söhbət gedirsə, ən yüksək təminat Milli Məclisə verilir. Əlavə imti-yaz demirəm, elə mövcud imtiyazları normal qəbul eləyirəm. Bizim Milli Məclisin, deputat olmuş şəxslərin statusu, məncə, qalanlar üçün  meyar götürülməlidir. Amma meyar başqa qurumlar olur. Azərbaycanda başqa məhkəmələr, ombudsman və digərləri var. Bu genişlənəcək və belə imtiyazların verilməsi sonsuza qədər davam edəcək. Məncə, məsələni bu formada müzakirəyə çıxarmaq doğru deyil. Mən bunun əleyhinə səs verəcəyəm və deputat həmkarlarımı da bunun əleyhinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Fazil müəllim, məsələyə birtərəfli baxmaq lazım deyil. Bir az qısqanclıq kimi çıxmasın. Yəqin ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna da baxılacaq. Ancaq bir şeyi yadda saxlayın ki, Konstitusiya Məhkəməsinin hakimləri yalnız bir dəfə şərti ömürlük seçilə bilərlər. Milli Məclisin deputatları qarşısında bu sərhəd yoxdur. Dərinə getsək, səbəblər bir az aydın olar. Yəqin, Əli müəllim öz çıxışında bunları izah eləyəcək. Aydın Mirzəzadə, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A.Mirzəzadə. Birinci sualım bundan ibarətdir ki, istefada olan Konstitusiya Məhkəməsinin  hakimi pensiyaya çıxdıqdan sonra  həm yardımı, həm də pensiyasını alacaq, yoxsa ancaq pensiyasını?
İkinci sualım isə belədir ki, istefada olan Konstitusiya Məhkəməsinin  hakimi işə düzəlir və sonra işdən çıxır. Bu maddə ona yenidən tətbiq edilir, yoxsa dayanır?
Üçüncü sualım “istefada olan Konstitusiya Məhkəməsinin  hakimi” ifadəsi ilə bağlıdır. Biz bir qayda olaraq hərbi xidmətlə bağlı olan insanlara istefada olan deyirik. Bu yeni termindir, yoxsa təsadüfidir? Təşəkkür edirəm.
Sədrlik edən. Deyəsən, ümumi fikir formalaşır. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Sözün doğrusu, bir dəfə  Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev məqalələrinin birində  yazmışdı ki, mən bir savadlı hüquqşünas tapa bilmirəm ki, Prezident Adminis-trasiyasında işə götürəm. Görünür, doğrudan da, bu problem öz aktuallığını Prezident Administrasiyasında qoruyub saxlayır. Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti qadağan olundu, amma bizdə bu yaranır. Oqtay müəllim, xatırlayırsınızsa, mən vaxtilə Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportun verilməsi ilə bağlı məsələ qaldırılanda bir fikri səsləndirmişdim ki, necə ola bilər, hakimiyyətin bir qanadını formalaşdıran, hakimləri seçən Məhkəmə-Hüquq Şurasının üzvlərinin hamısına diplomatik pasport verilir, amma ölkənin Prezidentini, parlamentini seçən bir qurumun üzvlərinə diplomatik pasport verilmir?
Söhbət nədən gedir? Söhbət lobbiçilikdən gedir. Bunun başqa adı yoxdur. İndi Fazil bəy söylədi, biz keçmiş prezidentlər haqqında, Konstitusiya Məhkəməsinin hakimləri haqqında qanun qəbul eləyirik. Ortada  bir  Milli Məclisin üzvləri qalır.
Aydın müəllim dedi, “istefada olan” sözü hüquqi termindən çox siyasi termindir, siyasi anlayışdır. O baxımdan mən  bu terminin qanunvericiliyə bu formada daxil edilməsini də qəbul eləmirəm. Ona görə ki, “istefada olan” o deməkdir ki, həmin şəxs daha başqa yerdə işləmir. Amma sabah bu, Konstitusiya Məhkəməsinin hakimi təyin oluna bilər. Biz bu məsələni hörmətli Əli müəllimlə müzakirə elədik. Tutaq ki, 10 gün sonra o dedi ki, mən istefa verirəm, gedib sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və ayda da 1 milyon manat pul qazanıram. Yaxud gedib siyasi partiya yaradıram, siyasi fəaliyyətlə məşğul oluram. Əli müəllim çox gözəl izahat verdi ki, əgər bu şəxs Konstitusiya Məhkəməsinin üzvlüyünə layiq görülübsə, dövlət buna əlavə təminat verir. Bəs onda niyə bu, Milli Məclisin üzvlərinə şamil olunmasın?
Oqtay müəllim, Siz söylədiniz ki, Milli Məclisin üzvü təkrar seçilə bilər. Amma ola bilər, bu elə bir yaş həddinə çatıb ki, bundan sonra  özü seçilmək istəmir. Fiziki imkanları yol vermir ki, millət vəkili kimi fəaliyyət göstərsin. O ancaq pensiya alacaq, baxmayaraq ki, hakimiyyətin bir qanadını təmsil eləyir. Axı Konstitusiyaya görə bizdə hakimiyyət bölgüsü prinsipi var və bunların hər biri öz funksi-yasını yerinə yetirir. Birinə digərindən daha üstün hüquqlar vermək olmaz.
Əslində, fəsillər üzrə götürsək, bizim Konstitusiyada qanunverici hakimiyyət birinci yerdədir. Sonra icra hakimiyyəti, ondan sonra da məhkəmə hakimiyyəti gəlir. Ona görə də mən millət vəkillərinə üzümü tutub söyləyirəm ki, bilmirəm, utanmaqdan ya başqa səbəblərdən irəli gəlir, bəzən biz öz hüquqlarımızı müdafiə eləməkdən sanki çəkinirik.
Burada büdcəni müzakirə eləyirik və vəsait ayırırıq ki, müəyyən bir nazirliyin şöbə müdirinə avtomobil alınsın. Bu şöbə müdiri tezdən işə gəlir, axşam da evinə gedir. Oturub kabinetdə. Amma millət vəkili həm siyasi, həm də ictimai xadimdir. Elə gün olur ki, millət vəkili şəhərin müxtəlif yerlərində 3 tədbirə qatılır. Deputatların çoxu rayonlardan seçilib,  seçiciləri ilə  kəndlərə görüşə gedirlər və sair. Bunların avtomobilə böyük ehtiyacı var, yoxsa nazirliyin bir şöbə müdirinin? Deyə bilərsiniz ki, millət vəkillərinin ham-ısının şəxsi avtomobilləri var. Gəlin yoxlayaq, hansı nazirli-yin şöbə müdirinin şəxsi avtomobili yoxdur? Onda onlara da dövlət tərəfindən belə bir hüquq tanınmasın. Türkiyədə əvvəllər avtomobil verirdilər. Rusiyanın özündə də verirdilər. Özü də hər 4 ildən bir dəyişilir və köhnə avtomobil millət vəkilinin özünə satılır. Bu ildən artıq onlara sürücü də verdilər.
Mənim əlavə imtiyazlar uğrunda dava açmağımdan söhbət getmir. Sadəcə, millət vəkillərinə üzümü tutub deyirəm ki, bu nə Prezidentə qarşı çıxmaqdır, nə də hakimiyyətin digər qanadları ilə üz-üzə durmaqdır.  Bu,  özümüzə hörmət deməkdir. Biz hakimiyyətin bir qanadıyıq və o biri qanadlara olan hörməti özümüzə də tələb eləməliyik. Bunu  seçicilər də yaxşı başa düşər. Öz hüququnu qorumayan millət vəkili öz seçicisinin hüquqlarını necə qoruya bilər? Mən ümid edirəm ki, Oqtay müəllim bu məsələni cənab Prezidentin qarşısında qaldıracaq.
Mən Konstitusiya Məhkəməsinin üzvlərinə belə bir hüququn verilməsinə etiraz etmirəm, amma millət vəkilləri üçün də bu hüquq tanınmalıdır. Oqtay müəllim, mən bayaq iş planı müzakirə olunanda söylədim, bizim elə millət vəkilləri var ki,  maddi durumları həddindən artıq pisdir. İlk Milli Məclisin üzvlərinin bəziləri heç millət vəkili kimi pensiya da ala bilmir. Onlara heç bu hüquq da tanınmır. İndi Konstitusiya Məhkəməsinin üzvü pensiya yaşına çatanda həm pensiya alacaq, həm də fəaliyyətdə olan hakimin məvacibi qədər pul təminatı alacaq. Amma pensiyada olan millət vəkili yalnız fəaliyyətdə olan millət vəkilinin maaşının 80 faizi məbləğində  pensiya alacaq. Mən hesab edirəm ki, bundan sonra bu cür qanunlar gələndə buna rəy vermiş ekspertlərin adları açıqlanmalıdır ki, biz buna kimin rəy verdiyini bilək. Mən buna səs verəcəyəm, amma, sadəcə olaraq, tələbim ondan ibrətdir ki, millət vəkilləri prinsipiallıq göstərsinlər, xahiş etsinlər, bu məsələni Prezidentin qarşısında qaldıraq, millət vəkilləri üçün də belə bir qanun qəbul olunsun. Sağ olun. 
Sədrlik edən. Hörmətli Qüdrət müəllim, mən bayaq dedim ki,  qanunlara belə qısqanclıqla yanaşmayaq. Eyni zamanda, söylədim ki,  “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna baxılacaq. Bu məsələni mən əvvəldən dedim. Ancaq Siz sonra çıxışı başqa istiqamətə yönəltdiniz və dediniz ki, şöbə müdirlərinə maşın almaq haqqında qanun vermişik, ya qərar qəbul etmişik... Şöbə müdirlərindən söhbət getməyib, nazirlikdən gedib.
İkinci, misal çəkirsiniz ki, filan parlamentlərdə deputatların hamısının maşını, sürücüsü var. Bu tamamilə düzgün deyil. Rusiya parlamentində  deputatın dövlət tərəfindən verilmiş nə maşını, nə də sürücüsü var.
Biz bu məsələni bir neçə dəfə müzakirə etmişik. İndi söylədim ki, bu məsələ də imkan daxilində öz həllini tapacaq.
Biz millət vəkilləriyik. Bəziləri məsələyə qısqanclıqla yanaşır. Sözünüzü dediniz,  biz də öz sözümüzü demişik, müraciət də olacaq. Ancaq xahiş edirəm, məsələni bu səviyyəyə qaldırmayaq. Yəqin, qalan suallara Əli müəllim cavab verəcək.  İlyas İsmayılov.
İ.İsmayılov. Mən bu dəyişikliyə qətiyyən qısqanclıqla yanaşmıram.  Hesab edirəm ki, mahiyyət etibarilə düzgün deyil. Bu, bir çox suallar yaradır və bəzi sualları da Aydın müəllim verdi.
Mövcud qanunvericilikdə çox dəqiq müəyyən olunub, bu üstünlük pensiya yaşına çatmamışlara verilir. İkinci, bu hüquq müəyyən müddətdə – 2 il verilir. Üçüncü, konkret nəzərdə tutulub ki, fəaliyyətdə olan  hakimin maaşının 80 faizi götürülür.
Dəyişiklikdə qeyd olunur ki, bu pensiya yaşına çatmışlara da verilir. Sonra, bu hüquqdan istifadə etmə müddəti layihədə göstərilmir, yəni ömrünün axırına qədər bunu istifadə edə bilər. Dördüncü, bu işə düzəldikdə onun pensiya təminatı necə olacaq –  bu da göstərilmir. 
Mən hesab edirəm ki, pensiya yaşına çatmış adama pen-siya verirlər. Buna hüquqi təminat verilməz. O, başqa vəzifəli şəxslər kimi pensiyaya çıxır, pensiyasını almalıdır.  Qanunda dəqiq göstərilməlidir ki, o əgər işə düzələrsə, onun hüquqi təminatı necə həll olunmalıdır.
Bütün bu ziddiyyətləri aradan qaldırmaq üçün  təklif edirəm ki,  layihəyə aşağıdakı məzmunda 2 maddə əlavə olunsun: Birinci, maddə 73.8.1. “İstefada olan Konstitusiya Məhkəməsinin hakimi başqa işə düzəldikdə yeni iş yeri üzrə aldığı maaş 73.8-ci maddədə müəyyən edilmiş pul təminatı məbləğindən az olarsa, çatışmayan məbləğ miqdarında pul təminatı alır”.
İkinci, maddə 73.8.2. “İstefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatdıqda qüvvədə olan qanunvericiliyə əsasən pensiyaya çıxır və müəyyən edilmiş miqdarda Dövlət Sosial Müdafiə Fondundan pensiya  alır”. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən  hüquqşünas deyiləm, ancaq bir məsələn deyim. Mən bayaq dedim ki, dünyanın əksər ölkələrində Konstitusiya  Məhkəmələrinin üzvləri ömürlük seçilirlər. Bizdə isə Konstitusiya Məhkəməsinin üzvləri 15 illik seçilirlər və bu şərti ömürlük sayılır.
Bir məsələni deyim, ola bilər, bir az kobud çıxsın. Tutaq ki, 30–40 yaşlarında şəxs Konstitusiya Məhkəməsinə seçilib. Sonra ola bilsin ki, bu insanın fiziki sağlamlığı da imkan verməsin. Ancaq ömürlük qalarsa,  təminatı olmadığı üçün yerindən yapışacaq. O xəstə-xəstə işə ya gələcək, ya gəlməyəcək. Mən bunu bir az kobud formada deyirəm. An-caq bunun təminatı olanda dəyişikliklər  mümkündür. Hələ görməmişik ki, kimsə öz xoşuna istefa versin. Mən, sadəcə, bu istiqaməti demək istəyirdim. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli həmkarlarım! Qabaqcadan hiss olunurdu ki, qanuna edilən dəyişikliklə bağlı müəyyən fikir ayrılıqları olacaq və çox haqlı olaraq bu müzakirə gedir. Mən həmkarlarımın 73.8-ci maddənin yeni redaksiyası ilə bağlı fikirlərinə hörmətlə yanaşıram. Təbii ki, hüquqşünas yanaşması və polemika olmalıdır.
O maddənin bəzi hissələri ilə bağlı mən redaktə xarakterli fikrimi bildirəcəyəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, Konstitusiya Məhkəməsi həm Milli Məclisə seçkilərin, həm Prezident seçkilərinin nəticələrini tanıyan, həm də məhkəmə orqanlarının qəbul etdiyi qərarların Konstitusiya uyğunluğuna nəzarət edən ali nəzarət orqanıdır. Qeyd olun-duğu kimi, sayca olduqca azdırlar. Bir dəfə 15 il müddətinə seçilirlər. Bu baxımdan  belə hesab edirəm ki, Prezidentin imzası ilə gələn bu sənəddə onların həm sayca azlığını, həm də ali nəzarət orqanı olmalarını nəzərə alıblar.
İndi Oqtay müəllim qeyd etdi ki, millət vəkillərinin təminatı məsələsinə də baxılacaq. Ola bilər, onlar bir az qa-bağa düşüblər. Biz indi Oqtay müəllimi burada tez-tez  əsəbiləşdirməsək, bizim də təminat məsələmiz tezliklə həll olunacaq.
Amma başqa bir məsələ var. Burada istefa məsələsi qoyu-lur. Mən istərdim, burada “istefa” sözünün yerinə Qüdrət müəllim deyən formada yazılsın ki, qanunla müəyyən olunmuş müddətdə fəaliyyət göstərərək istefaya çıxmış (axırını da vaxt almamaq üçün oxumuram) Konstitusiya Məhkəməsinin hakimləri. Ola bilər ki, kimsə seçilib, amma üzrlü, üzrsüz   səbəbdən 15 ilin cəmi 2 ilini işləyir və gedir. Bundan sonra da ömrü boyu təminat alır.
Bir də, burada  bir az dolğunluq olsa, daha yaxşıdır. Həqiqətən də, pensiyanı alacaq, almayacaq, bu məsələ burada bir az qaranlıq qalıbdır. Belə hesab edirəm ki, biz, sadəcə, qısqanclığı kənara qoyub gələcəkdə Milli Məclisin deputatları üçün də müəyyən imtiyazların verilməsini arzulamaq şərti ilə bunu qəbul edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Burada deputat həmkarlarım bu dəyişikliklə bağlı çıxış etdilər, mövqelərini bildirdilər. Təbii ki, dəfələrlə parlamentin depu-tatları haqqında da, başqa-başqa orqanlarla da bağlı burada bizim müxtəlif çıxışlarımız olub. Amma bu xüsusi bir müddəadır. Mən hesab edirəm, bunu heç nə ilə qarışdırmaq olmaz.
Birinci növbədə söhbət nədən gedir? Bilirsiniz ki, məhkəmə hakimləri və Ali Məhkəmənin üzvləri ömürlük seçilirlər. Bunlar artıq müəyyən yaşa qədər seçilirlər və sonra təqaüdlərini alırlar. Milli Məclisin deputatları ilə bağlı fikrimi sonra bildirəcəyəm. Konstitusiya Məhkəməsinin üzvlərinin sayına baxdıqda görürük ki, burada o qədər say hiss olunmur. Mən indi hesabladım, bu qəbul olunsa, təxminən 100 ildə  20 nəfərə tətbiq olunacaq. Niyə tətbiq olunacaq? Konstitusiya Məhkəməsinin üzvü seçilən şəxsin ən azı 30 yaşı olmalıdır. Bilirsiniz ki, qanunvericilikdə bu belədir. Tanınmış və hüquqi cəhətdən savadlı bir insan olmalıdır. Burada oturan şəxslər də başa düşür, bu adamın, heç olmasa, ən azı 40 yaşı olmalıdır ki, artıq ictimaiyyətdə tanınsın, yaxşı bir hüquqşünas olsun və Azərbaycanın ən ali hüquq orqanının nümayəndəsi seçilsin. Burada da 15 il müddət qoyulubdur. 15 il bu insan işlədi, çalışdı. Sonra ali bir orqanın nümayəndəsi kimi bu insan hara getməlidir? O gedib bir firmada hüquqşünas işləməlidir? Dövlət onun təminatını nəzərə alaraq çox doğru olaraq belə bir qərar qəbul edib ki, o pensiya yaşına qədər Konstitusiya Məhkəməsinin hakiminin aldığı əmək haqqının 80 faizi məbləğində pul təminatı almalıdır. Təxminən bərabər almalıdır. 
İkinci, indi hüquq sistemini bilən bütün hüquqşünaslar  danışdılar.  Mən belə bilirəm ki, qanunu da, fərmanı da, sərəncamı da ləğv edə biləcək bir orqan var – Konstitusiya Məhkəməsi. Yəni biz Konstitusiyaya uyğun olmayan hər hansı bir qanun qəbul etsək, bunu kim ləğv etməlidir? Kon-stitusiya Məhkəməsi. Nazirlər Kabinetinin sərəncamını kim ləğv etməlidir? Konstitusiya Məhkəməsi. Bu insanların sayı az olsa da, onlar elə təmin olunmalıdırlar ki, sağa-sola bax-masınlar. Bilsin ki, sabah bunun təminat məsələsi var.
Burada onları Mərkəzi Seçki Komissiyası ilə müqayisə edirlər. Mərkəzi Seçki Komissiyasının qərarlarına, bütün seçki prosesinin son nəticəsinə dair qərarı Konstitusiya Məhkəməsi verir. Elə burada oturanların hər birinə dair qərar verir ki, onun hansı dairədən seçilməsi qanunidir, qanuni deyil. İndi biz də burada oturub müzakirə edirik ki, 2 nəfərə pensiya verək, ya verməyək.
Gələcəkdə bunun Milli Məclisə də tətbiq olunması çox gözəl olardı. Oqtay müəllim, Siz çox gözəl dediniz, deputat siyasətçidir, Konstitusiya Məhkəməsinin üzvü hakimdir. Biz siyasətçiyik. Siyasətçi bu gün istefada  ola bilər, sabah hakimiyyətdə. Bu gün deputat seçilə bilər, sabah  nazir,  Baş nazirin müavini ola bilər. Dəyişə bilər, çünki bütün gün ərzində siyasətlə məşğuldur. Amma o, ictimai-siyasi həyatla məşğul deyil, bütün günü qanunlarla, qanunların aliliyinin qorunması ilə məşğuldur. Bu  məsələyə fundamental yanaşanda görürük ki, doğrudan da, qanun layihəsi çox ədalətlidir. Bu qanun layihəsinə səs vermək vacibdir, zəruridir,  lazımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, çox qəşəng izahat verdiniz. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən də hesab edirəm ki, hörmətli həmkarlarımın dediklərində müəyyən həqiqətlər var. Təklif olunan mətndə “istefada olan” sözləri yerinə düşmür, daha uyğun ifadədən istifadə olunsa, yaxşı olar. Biz, adətən, eşitmişik ki, hərbiçilər  istefada olur. Konstitusiya Məhkəməsi üzvünün istefada olması məsələsi, yenə də deyirəm, o qədər də yerinə düşmür.
Büdcə sahibi, icra strukturu məsləhət bilir ki, Konstitu-siya Məhkəməsinin hakiminin fəaliyyətini nəzərə alaraq birinci qüvvədə olan mətndə ona fəaliyyətdə olan hakimin maaşının 80 faizi məbləğində pul veribsə, ind 100 faiz versin. 20 faizdir, o da elə bir şey deyil. Nəzərə alsaq ki, 15 ildə bir dəfə bir hakim çıxacaq, onda dövlət büdcəsindən 200 manat artıq pul verəcəklər. Eybi yoxdur, versinlər. Bu elə bir problem deyil. Amma təki başqalarına şamil olunma-sın. Başqaları deyəndə nəyi nəzərdə tuturam? Milli Məclisin deputatlarından başqa müəyyən təşkilatlarda çalışanlar da sabah  qalxıb deyə bilərlər ki, biz də filan məhkəmələrin üzvləriyik, bizə niyə vermirlər? Mən şəxsən Konstitusiya Məhkəməsinin üzvünə verilən pul təminatına etiraz etmirəm. Qoy alsın, bu da böyük şeydir. O da bir insandır, 20 faiz artıma görə bəlkə 5 il ömrü artacaq, çox yaşayacaq. Qoy yaşasın. Burada nə pis iş var ki? Büdcənin də sahibi var, o da bunu  verirsə, lap yaxşı. Mən bu qanunun qəbul olunmasının tərəfdarıyam. Ona görə xahiş edirəm, səs verək. Sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, cənab Sədr. Zənnimcə, bu gün Azərbaycanın ali qanunvericilik orqanı ilə ali məhkəmə orqanını müəyyən qədər ayırmağa, fərqləndirməyə qərar veririk. Xatırlayıram ki,  Konstitusiya Məhkəməsi üzvlərinin sosial müdafiəsi müəyyən qədər Milli Məclisin deputatlarının sosial müdafiəsi ilə bərabərləşdirilmişdi.
Tam düzgün təklifdir. Bəli, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi üzvlərinin  səlahiyyətlərinə xitam veriləndən sonra onlar pul təminatı alırlar. Bu, düzgün qərardır. Mən bu qərarı dəstəkləyirəm. Sadəcə olaraq, ümumi sistemi qorumaq istiqamətində eyni səlahiyyətlərin Milli Məclisin üzvlərinə də verilməsini düzgün hesab edərdim. Onun üçün  yaxın müddətdə Milli Məclisin üzvlərinin statusu məsələsinə qayıdaraq bu bərabərliyi bərpa etməliyik.
Mən bu təklifləri dəstəkləyirəm. Mənə elə gəlir ki, Kon-stitusiya Məhkəməsi ali məhkəmə orqanıdırsa, biz onun üzvlərinin sosial müdafiəsin təmin etməliyik. Düzgün təkliflərdir və hamını bu layihəyə səs verməyə çağırıram. Çox sağ olun.  
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.16 dəq.)
Lehinə         89
Əleyhinə 2
Bitərəf         2
Səs verməd 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, bu yaxınlarda biz İnzibati Xətalar Məcəlləsini qəbul etmiş-dik. Yanvar ayının 1-dən artıq inzibati məhkəmələr fəaliyyət göstərir və təbii ki, onların fəaliyyətinin prosessual   hissəsin İnzibati Xətalar Məcəlləsi təşkil edir.  İnzibati prosessual qanunvericiliyin müddəalarına yeni 348-6.1-ci maddənin əlavə edilməsi təklif olunur: “İnzibati mübahisələrə dair işlər üzrə  məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların inzibati orqan tərəfindən təqdim edilməməsinə görə”. Yəni hər hansı bir dövlət orqanı inzibati məhkəmənin tələb etdiyi sənədi təqdim etmirsə, təklif olunur ki, həmin vəzifəli şəxslər səkkiz yüz manat miqdarına qədər cərimə edilsinlər. 
Eyni zamanda, qeyd edirəm ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı da açıq aparılır. Ona görə də xüsusi olaraq vurğulanır ki, əgər belə bir icraat qapalı keçirilmirsə, yəni qapalı keçirilməli hallar istisna olmaqla digər hallarda şəxsin, vətəndaşın iclasa buraxılmamasına görə məsuliyyət  təklif olunur. Vəzifəli şəxslər 500 manat miqdarında cərimə edilirlər, çünki inzibat mübahisələrə dair işlər üzrə məhkəmə icraatı açıqdır. Bu, konstitusion bir hüquqdur, təbii ki, hər bir vətəndaşın həmin iclasda iştirak etmək hüququ var.  Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinin müzakirəsinə keçirik. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli həmkarlar! Mən İnzibati mübahisələrə dair işlər üzrə məhkəmələr haqqında bir neçə kəlmə demək istəyirəm, çünki hüquq müdafiəçisi olaraq bizə, demək olar ki, hər gün müraciətlər olunur. Görünür, yerlərdən olunan şikayətlərin, müəyyən narazılıqların nəticəsidir ki, artıq  Prezident Administrasiyası tərəfindən belə bir maddənin qanunvericiliyə salınması məqsədəuyğun hesab olunur.
Doğrudan da, əgər biz digər məhkəmələrdə hər iki tərəf görürüksə və müəyyən sənədlərin təqdim olunması bir vəzifə olaraq onların üzərinə qoyulursa, inzibati məhkəmələrdə tərəf inzibati orqan olduğu üçün, təbii ki, müəyyən sənədləri təqdim etmədikdə hakimin vəziyyətini dərk edin. Yəni rəsmi qurumlardan sənədləri ala bilməyən hakim bir növ prosesin keçirilməsində çox aciz qalır və nəticədə məhkəmə prosesləri əsassız olaraq uzadılır. Bu baxımdan, hesab edirəm ki, o sənədlərin vaxtında təqdim olunmamasına görə həmin vəzifəli şəxslərin, yəni inzibati orqanın rəhbərlərinin, məsul şəxslərin inzibati qaydada cəzalandırılması olduqca təqdirəlayiqdir.
Amma 348-6.2-ci maddədə bir məsələ var. Əli müəllim qeyd elədi, məhkəmələr açıqdır, hamı iştirak edə bilər. Amma hər hansı bir şəxsin məhkəmə iclasına buraxılma-masına görə məsuliyyət dedikdə, bu şəxsin kimliyini bir az başa düşə bilmədim. Ola bilər ki, məhkəmə iclasına inzibati orqanın nümayəndəsinin gəlməsini vəzifəli şəxs qadağan eləyir və onu buraxmır. Bir də, ola bilər ki, məhkəmə nəzarətçiləri onu buraxmır. Bəzən elə olur ki, hakimlər özləri də deyir ki, müəyyən bir səbəbdən  filankəsi buraxmayıb. Belə olan halda, mən hesab edirəm ki, bir az anlaşıl-mazlıq yaranacaq. Buraxmamaq məsələsi məhkəmə nəzarətçilərinin üzərində olduğuna görə, istərdim, bura redaktə xarakterli nəsə əlavə olunsun. Ümumilikdə, qanunun bu maddələrinin tərəfdarıyam və hamını ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Ziyafət müəllim, mən he-sab edirəm, kiçik bir düzəliş edilməlidir. “Qanunla müəyyən edilmiş hallar istisna olunmaqla”  sözləri ora əlavə olunmalıdır. Elə hal ola bilər ki, inzibati icraat zamanı hakim he-sab edər ki, həmin vaxt  proses iştirakçılarından kiminsə zalda olmasına ehtiyacı yoxdur.
Bir də, burada bir məqam nəzərə alınmayıb, bu sonra böyük bir problem yaradacaq. Zalın tutumu ilə bağlı deyirəm, Əli müəllim. Zalda 10 nəfər yerləşə bilər, 100 nəfər gəlib. Bu halda necə olacaq, axı onları zala buraxmağa faktiki surətdə imkan yoxdur. Qanunu yazanda gərək elə ya-zaq ki, hüquqi problemlər yaranmasın.
Bir məqamı da orada qeyd eləməliyik ki, müvafiq auditoriyanın imkan verdiyi hallarda buraxılmamaq. Məhkəmə zalının tutumu imkan verirsə, amma buraxmırsa, bəli, bu məsuliyyət yaradır. Biz özümüz şahid oluruq da, bəzən siyasiləşmiş məhkəmə prosesləri olur, ora yüzlərcə insan qatılmaq istəyir. Zalda da cəmi 50 adam otura bilir. Ona görə də dediyim xırda detalları, məncə, nəzərə alsaq, doğru olardı. Sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu-rada iki vacib məsələ səsləndirildi: “hər hansı şəxs” deyəndə kimlər nəzərdə tutulur. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda məhkəmə prosesi açıqdır. Ümumiyyətlə, ədalət məhkəməsinin prinsiplərindən biri onun açıq olmasıdır. Bu-rada “hər hansı şəxs” deyəndə sözün əsil mənasında məhkəmə prosesində, məhkəmə iclasında iştirak etmək istəyən, onu  müşahidə etmək istəyən hər bir kəsdən söhbət gedir.
İkinci məsələ üzərində düşünmək olar. Texniki bir hal ola bilər. Baxmayaraq ki, məhkəmə iclas zalları standartlara uy-ğun tikilir, daha genişdir, daha böyükdür, amma biz bu məsələ ilə bağlı düşünərik. Çünki belə bir hal ola bilər ki, heç bir qadağa yoxdur, məhkəmə iclası açıqdır, sadəcə, istənilən qədər şəxsin daxil olmasına auditoriya imkan ver-mir. Bu zaman, ola bilər, kimsə zala daxil olmanı qadağan eləsin, desin ki, yer yoxdur. Qüdrət müəllimin dediyi texniki hal üzərində biz düşünəcəyik. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə         88
Əleyhinə 0
Bitərəf         1
Səs verməd 0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir. Buyurun, Zi-yad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən millət vəkillərinə təşəkkür edirəm ki, Mülki Məcəlləyə edilən dəyişikliklərlə əlaqədar olaraq daşınmaz əmlak sistemində olan problemlərə toxundular və bir çox dəyərli məsələlər qaldırdılar. Bütün bunlar da mənim sizə təqdim edəcəyim məsələlərin tez zamanda həllini tapmasına imkan verəcək.
“Daşınmaz əmlak haqqında” Qanun  2004-cü ildə qəbul edilmiş və ona bir sıra dəyişikliklər edilmişdir. Növbəti dəyişiklik cənab Prezident tərəfindən təqdim olunub. Təklif edilir ki, 6-cı maddəyə üçüncü bənd əlavə edilsin: “Daşın-maz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülür. Qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşı-laşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, habelə həmin hesabatın dərc olunması qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Məlumat üçün bildirmək istəyirəm ki, hazırda qeydiyyat sistemində 1300-ə yaxın adam çalışır. İllik yığılan rüsumların miqdarı təxminən 8-9 milyon manat arasındadır. He-sablamalar göstərir ki, əgər bu qanunda dəyişiklik edilərsə, orta hesabla hər işçiyə 200–250 manat civarında həvəsləndirmə məbləği əlavə edilə bilər. Bayaq ətraflı müzakirə keçirildi. Bu problemin, həqiqətən, həllini tapması vacib məsələlərdən biridir. Bayaq hörmətli Əli müəllim və digər millət vəkilləri bu məsələ ilə əlaqədar müəyyən fikirlərini söylədilər. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, Sizin əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirəyə keçirik. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, çox sağ olun. Bu müddəa, doğrudan da, qeydiyyat idarəsinin əməkdaşlarının maddi təminatını, yəni sosial müdafiəsini gücləndirmək üçündür və sözsüz ki, mən buna səs verəcəyəm. Həqiqətən də, bəzən haqlı, bir çox hallarda isə haqsız, yeri gəldi-gəlmədi hamı bu qurumu tənqid edir. Orada işin həcmi həddindən artıq çoxdur.
Amma prinsip etibarilə mən məsələni belə qoyuram ki, biz gələcəkdə mütləq buna qayıtmalıyıq. Məsələn, mənim üçün başa düşüləndir ki, gömrük işçiləri qaçaqmalçılıq yolu ilə keçirilən əmlakı tutursa, bunun dəyərinin müəyyən hissəsi onlara verilir. Bu da onlarda stimul yaradır ki, qa-çaqmalçılığa qarşı daha ciddi mübarizə aparsınlar, daha ayıq-sayıq olsunlar, daha çox qaçaqmal tutsunlar. Amma qeydiyyat məsələsində bu bir az başqa cürdür. Ola bilər ki, bir ay min nəfər  müraciət eləsin, əmlakını qeydiyyatdan keçirsin. Gələn ay isə bu say üç min nəfər ola bilər. Bütün dövlət qurumlarına bu formada yanaşmanı qəbul eləmirəm və hesab edirəm ki, gələcəkdə bu məsələyə kompleks şəkildə baxmalıyıq. Toplanan pul büdcəyə getməlidir, dövlət orqanı da həmin işin yükünü nəzərə alaraq o insanları maaşla təmin etməlidir. Bu məsələyə mütləq baxmaq lazımdır. Burada stimulverici faktor yoxdur, amma mən buna səs verəcəyəm, doğrudan da, onların maaşını artırmağa ehtiyac var. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Başqa çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.29 dəq.)
Lehinə         90
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr, dəyişikliklər edilməsi ilə bağlıdır.
Z.Səmədzadə.  Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə aşağıdakı dəyişikliklər əlavə edilir: “Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsum-larının və haqlarının ödənilməsi üçün müvafiq Pos-terminallar quraşdırılmalıdır.
Pos-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə Pos-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu maddənin ikinci hissəsində nəzərdə tutulan Pos-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Çox yaxşı təklifdir. Hazırda cənab Prezidentin göstərişlərini nəzərə alaraq respublikada istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar konkret işlər gedir. Qanuna edilən bu dəyişiklik də bu sahədə olan boşluqların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış eləmək istəyən yoxdursa,  xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.32 dəq.)
Lehinə         87
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsinə dair qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə.  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində dəyişikliklər edilməsi barədə cənab Prezident Milli Məclisə müraciət edib. Həmin dəyişiklik ondan ibarətdir ki, Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üç iş günü müddətində verildikdə 10 manat, üç  iş günündən sonrakı müddətdə verildikdə 1 manat təklif edilir.
Eyni zamanda, 15-ci maddədə qeyd olunur ki, məcburi köçkünlər,  16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Təklif komitədə müzakirə olunub. Millət vəkillərindən bu təklifə də səs vermələrini rica edərdim. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.34 dəq.)
Lehinə         92
Əleyhinə 1
Bitərəf         0
Səs verməd 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hər 3 məsələdə mahiyyətcə bir fikir dəyişikliyə məruz qalır. İcazə versəniz, hər üç məsələni bir fikirlə ifadə edərdik. Həm “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunda, həm “Sosial sığorta haqqında” Qanunda, həm də “Məşğulluq haqqında” Qanunda bir məsələnin düzəlişi edilib. Bu nədir? Əvvəllər Prezident sərəncamı ilə proqramlarla maliyyələşmə aparılardı, indi isə birbaşa büdcədən maliyyələşmə gedir. Bu bir az da sadələşdirilir və sosial müdafiəyə ehtiyacı olan adamların müdafiəsini bir az da gücləndirir. Hər üç məsələdə bu ehtiva olunur. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Elmira Axundova.
E.Axundova. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” qanunlar bir daha onu sübut edir ki, dövlətin belə vətəndaşlarına xüsusi qayğısı var və bu gündən-günə artmaqdadır. Bu mənada mən 3 qanuna təklif edilən dəyişikliyi alqışlayıram və ona səs verəcəyəm.
Yeri gəlmişkən, bir problemi diqqətinizə çatdırmaq istəyirəm. Məlum olduğu kimi, əlil uşaqların əksəriyyəti kiçik yaşlarından xüsusi təhsil ocaqlarında, ya da evlərdə təhsil alırlar. Bu, əlil və sağlamlıq imkanları məhdud olan uşaqların həm yaxınlarından uzaqlaşmasına, həm də cəmiyyətdən təcrid olunmasına səbəb olur. Nəinki təcrid olmaq, hətta bu uşaqların dünyagörüşü də həmyaşıdlarından əhəmiyyətli dərəcədə geri qalır. Əlil və sağlamlıq imkanları məhdud olan uşaqlar sonralar cəmiyyətə inteqrasiya oluna bilmirlər. Öz fiziki vəziyyətlərinə görə onlarda bir növ kompleks yaranır. Ona görə təklif edərdim ki, bu cür uşaqlar, heç olmasa, həftədə bir neçə saat digər uşaqlarla eyni şəraitdə təhsilə cəlb edilsinlər. Onlar yaşıdları ilə şahmat, dama, nərd kimi idman oyunlarında iştirak edə bilərlər. Müntəzəm olaraq uşaqların görüşləri təşkil olunmalıdır. Düşünürəm ki, bu kimi tədbirlər müsbət nəticə verəcəkdir.
Eyni zamanda, mənə əlil uşaqların valideynləri müraciət edərək deyirlər ki, onların uşaqları adi məktəbə getməyə, həmyaşıdları ilə ünsiyyətdə olmağa can atırlar, lakin məktəbdəki maddi-texniki vəziyyət buna imkan vermir. Məsələn, təzə inşa edilən məktəblərdə və ictimai yerlərdə əlil arabalarının hərəkəti üçün xüsusi qalxacaqlar, liftlər və sair mövcud deyil. Digər tərəfdən, məktəblər bu qrup uşaqlar üçün xüsusi oturacaqlarla, xüsusi vasitələrlə təmin olunmalıdır. Valideynlər bu təkliflərini Milli Məclisdə səsləndirməyi xahiş ediblər, ona görə də mən onların xahişlərini yerinə yetirirəm.
Qeyd etdiyim məsələlərin əksəriyyəti “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunda olsa da, formal xarakterlidir və real həyatda əks olunmur. Reallıqda sağlam və əlil uşaqlar sanki ayrı-ayrı planetdə yaşayırlar. Demək olar ki, bir-biri ilə qarşılaşmırlar. Amma Qərbin inkişaf etmiş dövlətlərində əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı proqramlar var. Xüsusilə uşaq mühitinə alışmaqla bağlı tədbirlər uğurla həyata keçirilir. Biz onların təcrübəsini diqqətlə öyrənməliyik. Hesab edirəm ki, adı çəkilən qanunda nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsinə, heç olmasa, ciddi nəzarət olsa, bu sahədə böyük irəliləyiş əldə etmiş olarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Gülər Əhmədovanın sualı var, buyursun.
G.Əhmədova. Əslində, sual deyil, Elmira xanımın dediyi məsələ ilə bağlı danışmaq istəyirəm, çünki Heydər Əliyev Fondunun tikdirdiyi bütün məktəblərdə əlil arabaları üçün nəzərdə tutulmuş məqamların hamısı var. Hətta cənab Prezident də xüsusilə qeyd etdi ki, yaxşı ki, bu məktəblərdə əlil arabasının keçməsi üçün yerlər nəzərdə tutulub. Amma razıyam ki, digər məsələlər də nəzərə alınmalıdır.
Bir də onu demək istəyirdim ki,  əlil uşaqlarla sağlam uşaqların,  əqli inkişafdan geri qalanlar istisna olmaq şərtilə, inteqrasiyası olmalıdır. Dövlət proqramı var, o həyata keçirilir. Əlbəttə, yaxşı olardı, bu daha tez həyata keçirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr! Sözün doğrusu, bu qanuna edilən əlavə və dəyişikliklə biz bu əlillərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində hər hansı bir qərar qəbul eləmirik, düzəliş etmirik. Burada hörmətli Hadi müəllim məlumat verməli idi ki, müvafiq dövlət proqramına uyğun olaraq görülən işlərin nəyi pis idi? Bu müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətini artırıbdır. Əvvəlcə bu proqramı hazırlayan məmurlar, sonra onu təsdiq edən orqan var idi və əvvəlcədən bir iş aparılırdı. Nə qədər əlil uşaq var,  onlar necə reabilitasiya olunmalıdır, nə qədər vəsait ayrılmalıdır, necə kömək olunmalıdır və sair.
İndi biz nə edirik? Məmurluğun sanki qızıl dövrü yaşanır. Məmurlar  əziyyət çəkib belə bir proqramı hazırlamasınlar deyə və onların işlərini rahatlaşdırmaqdan yana biz qanundan bu müddəanı çıxarırıq. Hörmətli Hadi müəllim məlumat versin ki, burada pis olan nə idi? Bu  dövlət pro-qramının hazırlanması nəyə mane olurdu? Biz bunu niyə çıxarırıq?
Oqtay müəllim, mən o biri məsələlərlə bağlı çıxış etməyəcəyəm. “Məşğulluq haqqında” Qanundan da eyni qaydada “müvafiq Dövlət Proqramına uyğun olaraq” sözlərini çıxarırıq. “Sosial sığorta haqqında” Qanundan da çıxarırıq ki, müvafiq dövlət proqramına uyğun olaraq iş-sizlik müavinətləri verilir. Mən sizi əmin edirəm ki, bunların hamısı vətəndaşların vəziyyətinin ağırlaşmasına xidmət edən dəyişikliklərdir və biz bunu edirik. Amma burada elə təqdim olundu ki, sanki biz bununla  çox böyük  bir iş görürük. Məmurların vəzifəsi işləməkdir. Ona görə də xüsusi pro-qram hazırlanmalıdır və bu proqram da müvafiq qaydada təsdiq olunmalıdır. Mən ona görə də deputat həmkarlarımı bu dəyişikliyə səs verməməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Hörmətli Qüdrət müəllim, məmurların səlahiyyətləri bir az artıq olanda deyirsiniz ki, onlar bundan istifadə edirlər. Səlahiyyətlər azalanda isə tərsini deyirsiniz. Hadi Rəcəbli buyursun.
H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Mən çalışdım ki, nə qədər mümkündürsə, vaxta qənaət edim. Mən bir az sadə olsun deyə “Məşğulluq haqqında” Qanunu götürüm. Xahiş edirəm, diqqətlə oxuyun. 18.1-ci maddədə söhbət nədən gedir? İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsindən söhbət gedir. Yazılır ki, dövlət büdcəsinin vəsaitləri və məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. Amma əvvəlki variantda yazılırdı ki, müvafiq dövlət proqramına uyğun olaraq maliyyələşdirilir. Yenə də maliyyələşdirilir də. Söhbət maliyyələşmədən gedirsə, bu əlavə bir yük idi ki, onu gətirib proqrama bağlamışdıq. Əslində, bu maliyyələşmə bütün hallarda dövlət büdcəsindən aparılır. Yəni bu sadələşdirmədi. Bütövlükdə bu həmin qrupun xeyrinə olan məsələdir və bürokratik əngəlləri bir az azaldır. Sağ olun.
Sədrlik edən. Gülər xanım, bir əlavəniz var, Siz bu məsələ ilə bağlı ikinci dəfə çıxış etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
G.Əhmədova. Sadəcə, bir məqamı demək istəyirəm ki, bu, spesifik insanlarla bağlı məsələdir. Mən, əlbəttə, istəyərdim ki, hamının hər zaman sağlamlığı yerində olsun. Bir neçə gün bundan öncə əlillərlə bağlı YUNİSEF, Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun birgə keçirdiyi konfransda rəqəmlər səsləndirildi. Konkret olaraq göstərildi ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada əlillərin sayı son 3–5 il ərzində kifayət qədər artıb.
Mənə belə gəlir ki, əksinə, daha çox dövlət proqramlarına üstünlük vermək lazımdır, çünki dövlət proqramlarında bir qayda olaraq müxtəlif tipli əlilliyi olan insanlarla bağlı problemlərin həlli üçün konkret atılacaq addımlar göstərilir. Birbaşa icra strukturlarına göstəriş verilir ki, hər hansı fiziki və yaxud əqli qüsuru, eyni zamanda, müxtəlif xəstəlikləri olan insanlarla bağlı konkret hansı reabilitasiya və digər tədbirlər həyata keçirilməlidir. Amma biz bunu bu qədər sadələşdirəndə rusların bir sözü yada düşür: “vsex pod odnu qrebenku”. Hamını elə bir eyni məqama gətirib çıxarırıq.
Mən çox böyük əminliklə demək istəyirəm ki, bu, mərkəzləşdirilmiş qaydada həll olunmasa, heç də bütün məmurlar bu əlilliyin formaları,  müxtəlif yaş qruplarına mənsub olan əlillərlə bağlı hansı addımların atılmasını dəqiq bilə bilməzlər. Bizim elə rayonlarımız var ki, orada əlillərlə işləyən insanlar bir çox hallarda həkim deyillər. Həkim olanların isə əllərində əlillərlə bağlı konkret, bu cür spesifik məlumatlar yoxdur. Mənə belə gəlir ki, dövlət proqramının olması çox vacib şərtdir və ümumiyyətlə, dünya praktikasında da belədir.
Həmin fikirləri məşğulluq haqqında da demək olar. 10 il bundan qabaq Azərbaycanın əmək bazarında ehtiyac duyulan ixtisaslara bu gün artıq ehtiyac yoxdur. Bu gün tamamilə başqa tipli ixtisaslara ehtiyac duyulur. O baxımdan dövlət proqramının olması çox vacibdir. Çünki əgər 10–15 il bundan qabaq kütləvi surətdə iqtisadçılara, marketinqlə, menecmentlə məşğul olan insanlara ciddi surətdə ehtiyac var idisə, bu gün ciddi surətdə mühəndislərə, neft-kimya sahəsi ilə bağlı insanlara böyük ehtiyac var. Bildiyiniz kimi, bizim dövlət tərəfindən oxumağa göndərilən uşaqlarla bağlı proqramlarda bunlar konkret olaraq göstərilib. O baxımdan güman etmirəm ki, məşğulluğu da dövlət proqramından kənarlaşdırmaq lazımdır. Məncə, əksinə, hər yeni 3–5 illik mərhələyə uyğun olaraq dövlət proqramı dəyişir və bu da işin xeyrinə olan məsələdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər xanım,  hər məsələni biz proqramlarla bağlaya bilmərik. Uzun illərdir biz proqramlarla işləyirik, artıq bu istiqamətdə iş metodları yaranıb. İndi hər proqram öz maliyyəsi, öz dəstəyi, öz insanları ilə fəaliyyət göstərməyəcək. Maliyyələşməni mərkəzləşdirirlər, burada başqa nə var ki? Mən hesab edirəm ki, burada elə bir problem yoxdur.
Xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.47 dəq.)
Lehinə         99
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.47 dəq.)
Lehinə         89
Əleyhinə 1
Bitərəf         1
Səs verməd 0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.48 dəq.)
Lehinə         89
Əleyhinə 2
Bitərəf         0
Səs verməd 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələmiz Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında qanun layihəsidir. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Müzakirəyə təqdim olunan qanun layihəsində Goranboy rayonunun Cinli Boluslu kəndinin adının dəyişdirilməsi nəzərdə tutulur. Orada qədimdən cen tayfaları məskunlaşıb. Ancaq Boluslu kəndinin adının qarşısında heç vaxt “cen” sözü olmayıbdır. Son vaxtlar Boluslu kəndinin əhalisini “cin” sözü çox əsəbiləşdirir. Müraciət ediblər ki, “cin” sözü buradan çıxarılsın, Boluslu kəndi olsun. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.49 dəq.)
Lehinə         96
Əleyhinə 0
Bitərəf         0
Səs verməd 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Bugünkü iclasımız sona çatdı, gələn iclas haqqında sizə xəbər veriləcək. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU