18.10.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASININ
TƏNTƏNƏLİ İCLASININ
PROTOKOLU № 21
Milli Məclisin iclas salonu.
18 oktyabr 2011-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin təntənəli iclası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmişdir.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Vahid Əhmədov, Fazil Mustafa, Rafael Cəbrayılov, Elton Məmmədov, Rəbiyyət Aslanova, Fəzail İbrahimli, İqbal Ağazadə, Qənirə Paşayeva, Bahar Muradova, Jalə Əliyeva, Siyavuş Novruzov, Əli Hüseynli, Gövhər Baxşəliyeva, Əli Məsimli, Qüdrət Həsənquliyev, Etibar Hüseynov, Fəzail Ağamalı, Zahid Oruc, Mübariz Qurbanlı, Sabir Rüstəmxanlı, Elmira Axundova, Sahib Alıyev, İsmayıl Hacıyev, İsa Həbibbəyli, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Azay Quliyev, Eldar İbrahimov.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
18 oktyabr 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri!
Milli Məclisin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş təntənəli iclasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, bu gün ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gündür. Ötən əsrin əvvəllərində dövlət müstəqilliyini qazanıb onu cəmi 23 ay yaşada bilmiş Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olmuşdur. Sovetlər Birliyinin dağılması ilə 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə etmiş və tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb son dərəcə çətin vəziyyətə düşmüşdü. O dövrdə baş verən hadisələr 1918–1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi. Erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Lakin o vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos və özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Görünür, bu da taleyin qismətidir ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalı idi.
Müdriklər deyiblər ki, xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu kəlamın nə qədər doğru olduğunu Azərbaycan xalqı 1988–1993-cü illərdə düçar edildiyi fəlakətlərin və itkilərin timsalında bir daha görüb yəqin etdi.
Ermənistandan qaçqınların axını, Qanlı yanvar faciəsi, xalqımızın böyük zəhmət hesabına topladığı maddi və mənəvi sərvətlərin talan edilməsi, Xocalı soyqırımı, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması – bütün bunlar olmaya da bilərdi. Əgər o dövrdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz bu məkrli planlarının heç birini həyata keçirə bilməzdilər. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi.
Bu qayıdış ilə etibarlı siyasi rəhbərlik amili təmin olundu. Ulu öndər ölkəmizin gələcək siyasi-iqtisadi inkişafı strategiyasının təməlini qoydu.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir. Azərbaycan gələcəyə inamla baxan bir dövlətə və regional güc mərkəzinə çevrilməkdədir. Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazanılan uğurlar Azərbaycanı dünyanın diqqət mərkəzində saxlayır. Demokratikləşmə prosesinin genişləndirilməsi, qanunun aliliyinin qorunması, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər ölkəmizi Avropa xalqları ailəsinin üzvlərindən birinə çevirmişdir.
Azərbaycan beynəlxalq qurumların nüfuzlu bir üzvüdür, onun beynəlxalq mövqeləri ildən-ilə daha da möhkəmlənir.
Ölkəmiz iqtisadi artım sürətinə görə dünya ölkələrinin ön sırasındadır. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artır. Neft və qeyri-neft sektorları dinamik inkişaf edir.
Azərbaycan neft-qaz sənayesi, energetika və nəqliyyat sahəsində həyata keçirilən nəhəng transmilli layihələrin təşəbbüsçüsü və fəal iştirakçısıdır. Ölkəmiz həm özünün enerji təhlükəsizliyini təmin etmişdir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha fəal rol oynamağa başlamışdır.
Yeni infrastruktur formalaşdırılır. Ordu quruculuğu prosesi böyük uğurla həyata keçirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır.
Regionların inkişaf proqramı çərçivəsində böyük uğurlar əldə edilir. Tikilib istifadəyə verilən yüzlərcə məktəb, tibb müəssisələri, mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləri təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda yeniləşmənin miqyasını göstərir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuşdur, yeni iş yerləri açılır, yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır.
Bizim bir əsas problemimiz vardır ki, bu da Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında olmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət nəticəsində artıq bütün dünyada Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin həllinin vacibliyini başa düşmüşlər. Əminik ki, bu məsələ Prezidentimizin rəhbərliyi altında yaxın bir dövrdə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” möhtərəm Prezidentimizin sərəncamında deyildiyi kimi, “iyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir”.
Hörmətli deputatlar, Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətlərdən biridir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə sizin hamınızı ürəkdən təbrik edir, dövlətimizin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə fəaliyyətinizdə sizə yeni uğurlar arzulayıram! (Alqışlar.)
Hörmətli millət vəkilləri, əgər icazə versəniz, kiçik bir filmə baxardıq, ondan sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun məruzəsi ilə iclasımızı davam etdirərdik.
(Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş film nümayiş etdirilir.)
Sədrlik edən. Çox sağ olun, təntənəli iclasımızı davam etdiririk. Məruzə üçün Ziyafət Əsgərova söz verilir. Buyurun.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, dəvət olunmuş şəxslər, mətbuat nümayəndələri!
Azərbaycan xalqının dövlətçilik ənənələrinin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Eramızdan əvvəl I minillikdən başlayaraq şimaldan Böyük Qafqaz sıra dağları, qərbdən Alagöz dağ silsiləsi, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə, Zəncan, Həmədan hüdudları ilə əhatə olunan çox geniş bir bölgədə qədim dövrün Manna, İskit şahlığı, Atropatena, Albaniya, orta əsrlərin Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycan Atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi dövlətləri qurulmuşdur. Xalqımızın yaradıcılıq enerjisindən və zəkasından güc alan bu qüdrətli dövlətlər dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişlər.
XX yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın dövlətçilik potensialının yenidən təzahür edib real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. Qeyd etmək lazımdır ki, bu dövlətimiz çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi.
I Dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca baş verən inqilablar didib-parçalayırdı. Rusiya artıq öz hegemon rolunu itirmişdi, əsrlər boyu xalqları əsarətdə saxlamış imperiya süquta doğru gedirdi. 1917-ci ilin fevral inqilabı çarizmin devrilməsi ilə nəticələndi.
Cənubi Qafqazdan Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə, sonra isə Zaqafqaziya Komissarlıığı adı ilə tanınan hökumət təşkil edildi. İlk dəfə təsis edilən bu vahid hökumət 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymini çağırdı. Cənubi Qafqazın üç əsas xalqının, habelə digər millətlərin nümayəndələrindən ibarət olan Seym 1918-ci il aprelin 9-da Zaqafqaziyanın istiqlaliyyətini elan etdi.
Müstəqil siyasi fəaliyyət dövrünə qədəm qoyan Zaqafqaziya Seymi həmin il aprelin 22-də Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət Zaqafqaziya Federativ Respublikasını təsis etdi, lakin müəyyən amillərin nəticəsində bu dövlət qurumu az sonra dağıldı.
1918-ci il mayın 28-də Milli Şuranın iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təşkil edildi.
Həmin il noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan Parlamentini formalaşdırmağı qərara aldı. Dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında müsəlman Şərqində ilk Parlamentin iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. O dövrdə Əlimərdan bəy Topçubaşov Azərbaycanda olmadığına görə Parlamentin iclasına Həsən bəy Ağayev sədrlik edirdi.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk parlamentimiz Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdi. Bu işlər sayəsində müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdı. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara seçki hüququ vermişdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratmışdı.
Diqqətəlayiq haldır ki, o dövrdə Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin və ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrinin təmsil olunduğu Parlament öz fəaliyyətini siyasi plüralizm, bərabərlik, aşkarlıq və digər demokratik prinsiplər əsasında qurmuşdu. Bütün bunlar Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında müstəsna rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də Paris sülh konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərilmişdi. Nümayəndə heyətinin gərgin fəaliyyəti nəticəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Həmin il aprelin 22-də Parlament İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi.
Cənubi Qafqazda yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də Parlamentin diqqət mərkəzində idi. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmurdu.
Yaradıldığı ilk gündən Ermənistan öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürməyə başlamışdı. Ermənistan hökumətinin iddialarına hərbi dəstək vermək üçün onunla əlbir hərəkət edən silahlı quldur dəstələri İrəvanda, Göyçədə, Zəngəzurda, Qarabağda və azərbaycanlıların yaşadığı digər yerlərdə dinc əhaliyə qarşı dəhşətli soyqırımı aktları törədir, yerli əhalini yaşadıqları yerlərdən zorla qovub çıxarırdılar.
Azərbaycan hökuməti Ermənistanın əsassız iddiaları ilə bağlı mübahisəli məsələləri danışıqlar yolu ilə nizama salmağı təklif edirdi. Ermənistanın siyasi mərkəzi kimi nəzərdə tutulan Gümrü şəhəri hələ ermənilərin nəzarətindən kənarda olduğuna görə Ermənistan hökuməti İrəvanın paytaxt kimi istifadə edilmək üçün ona verilməsi xahişi ilə Azərbaycan Milli Şurasına müraciət etdi.
Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında İrəvan şəhərinin və onun ətrafındakı ərazilərin Ermənistan Respublikasına verilməsi məsələsinə baxaraq bu barədə qərar qəbul etmişdi. Həmin qərarı qəbul edərkən Milli Şuranın üzvləri Ermənistanın digər Azərbaycan torpaqları barədə iddialarından əl çəkəcəyi, Ermənistan hökumətindən dəstək alan quldur dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlara son qoyulacağı, yerli azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin ediləcəyi və doğma yurd-yuvalarından didərgin salınmış 150 minə yaxın azərbaycanlının əvvəlki yaşayış yerlərinə qayıtmasına şərait yaradılacağı barədə Ermənistan hökumətinin öz üzərinə götürdüyü öhdəliyə əsaslanmışdılar.
Təəssüf ki, bu güzəşt Ermənistanın Azərbaycan torpaqlarına iddialarının daha da güclənməsinə gətirib çıxardı. Erməni quldur dəstələri əzəli Azərbaycan torpaqlarının demoqrafik vəziyyətini erməni əhalinin xeyrinə dəyişdirmək üçün törətdikləri kütləvi qırğınları yeni qüvvə ilə davam etdirdilər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1918-ci ilin yay və payızında Zəngəzurda 115 kənd məhv edildi, 7729 nəfər azərbaycanlı öldürüldü, 50 min nəfər yurd-yuvasından didərgin salındı. Azərbaycanlılardan təmizlənən yeni ərazilər Ermənistana qatıldı. Hadisələrin sonrakı gedişi hamınıza yaxşı məlumdur.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Xalq Cümhuriyyətinin süqutu o dövrdə mövcud olan obyektiv və subyektiv səbəblərlə bağlı idi. Rusiyada qurulmuş kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın bütün ərazisini ələ keçirməyə çalışırdı. Bolşeviklərin planlarında Azərbaycan xüsusi yer tuturdu. Təsadüfi deyil ki, Qızıl Ordu Cənubi Qafqaza öz yürüşünü Azərbaycandan, Bakıdan başlamışdı.
Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, bu 71 illik dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynamışdır. Əsrin sonlarında dövlət müstəqilliyini bərpa edəndə artıq Azərbaycanın böyük sosial-iqtisadi, intellektual potensialı, zəngin mədəniyyəti və təhsili var idi.
Bu dövrdə Azərbaycan xalqı inkişaf etmiş, savadsızlıq tamamilə ləğv olunmuşdur. Ali təhsil ocaqları, universitetlər, elmi müəssisələr yaradılmışdır. Mədəniyyət, ədəbiyyat, incəsənət inkişaf etmişdir.
Xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycanda, sözün həqiqi mənasında, böyük quruculuq və yaradıcılıq dövrü yaşanmış, həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi əldə olunmuş, sənayedə və kənd təsərrüfatında misilsiz uğurlar qazanılmışdır. Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında yalnız iki respublika – Rusiya Federasiyası və Azərbaycan ittifaq büdcəsindən heç bir dotasiya almadan yaşayırdı. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi.
Amma Azərbaycanın gələcəyi təkcə maddi sahədə yaradılmırdı. Heydər Əliyev xalqın mənəvi gələcəyinin bərqərar olunmasına da böyük diqqət yetirir və bundan ötrü çox işlər görürdü. Müstəqil daxili siyasət yeridilməsi nəticəsində Azərbaycanın siyasi, iqtisadi, milli-mədəni inkişafı üçün görülən son dərəcə böyük işlərlə yanaşı, xalqın milli mənlik şüurunun inkişaf etdirilməsi, tarixi ənənələrinin, dilinin qorunması istiqamətində mühüm nailiyyətlər qazanılmışdı.
1978-ci ildə digər müttəfiq respublikalarla yanaşı, Azərbaycanda da yeni konstitusiya layihəsi işlənib hazırlanırdı. Bu elə bir dövr idi ki, rəsmi ideologiya ölkənin böyüklü-kiçikli bütün xalqlarının transformasiya olunaraq yeni bir tarixi birliyə – sovet xalqına çevrilməsi məsələsini tam ciddiyyəti ilə müzakirə edirdi. Məhz belə bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunun hansı müqavimətlərlə qarşılaşdığını isə hamınız gözəl bilirsiniz.
O illərdə Heydər Əliyev Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı çətinlikləri sanki qabaqcadan görür, sabah üçün vacib olacaq problemləri həll edirdi. Bakı şəhərində hərbi məktəblərin açılmasının, minlərcə azərbaycanlı gəncin Moskvaya, Kiyevə, Leninqrada, ölkənin digər şəhərlərinə təhsil almağa göndərilməsinin nə qədər uzaqgörən tədbirlər olduğunu sonrakı illər bir daha sübut etdi.
1982–1987-ci illərdə Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi.
1987-ci ilin oktyabrında Heydər Əliyevin Sovetlər Birliyinin rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılması isə Azərbaycanın yeni faciələrinin əsasını qoydu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu.
Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, SSRİ ərazisində destruktiv meyillərin ortaya çıxması ilə bağlı baş verən prosesləri vaxtında və düzgün qiymətləndirib nəzərə almaq, xalqı gözləyən təhlükələri əvvəldən duymaq və qabaqlayıcı tədbirlər görmək, vahid milli platforma yaratmaq vacib olduğu halda, təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bağışlanılmaz passivlik, laqeydlik göstərirdi. Erməni separatizmini faktiki olaraq müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan qərarlarına qarşı heç bir etiraz səsi qaldırılmırdı. Əksinə, Azərbaycan parlamenti bu qərarların münaqişəni həll etmək baxımından əhəmiyyət kəsb etdiyini bildirirdi. Belə mövqe xalqda respublika rəhbərliyinə inamı tamamilə qırırdı.
O zaman müxtəlif siyasi ambisiyalarını, hakimiyyəti ələ keçirmək niyyətlərini populist çıxışlarla pərdələyə bilən, siyasi təcrübəsi olmayan səbatsız qüvvələr qabağa çıxdı və xalqı öz ardınca aparmağa çalışdı. SSRİ-nin süqutu nəticəsində müstəqilliklər paradının labüd olduğu bir vaxtda başlanmış bu prosesin Azərbaycanda böyük qurbanlar, itkilər hesabına getməsi bir tərəfdən, respublika rəhbərliyinin, digər tərəfdən, meydana çıxan yeni siyasi qüvvələrin naşılığı üzündən baş vermişdi.
Bütün bu səbəblərə görə Azərbaycan dövlətinin müstəqilliyinin bərpası xalqımız üçün mənfi proseslərlə müşayiət olunurdu. Yaranmış tarixi məqamdan baş çıxara bilməyən respublika rəhbərləri ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “hələ fikirləşirdilər ki, biz müstəqil dövlət olmalıyıq, ya olmamalıyıq”.
Ancaq müstəqilliyi istəməyən qüvvələr axına qarşı gedə bilmədilər. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Azərbaycan Respublikasının müstəqilliyi elan olundu. Azərbaycan tarixinin tamamilə yeni bir dövrü başlandı.
Amma müstəqilliyi elan etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. O vaxt ölkəmizin qarşısında dayanan ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi. Lakin adekvat siyasi rəhbərliyin olmadığı, xalqın mənafelərinə biganə münasibətin hökm sürdüyü şəraitdə hər hansı düşünülmüş dövlət quruculuğundan söhbət gedə bilməzdi.
Azərbaycandan kənarda olan qüvvələrin də təsiri ilə hakimiyyət davası ölkəni idarəedilməz vəziyyətə gətirmiş, cəmiyyətdə və dövlətdə dağılma meyilləri qarşısıalınmaz xarakter almış, qanunsuz silahlı dəstələrin özbaşınalığı real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirirdilər.
Bütün bu proseslərin məntiqi nəticəsi kimi dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında idi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin aqibətini yaşamaq təhlükəsi qarşısında idi.
1993-cü ilin iyununda təcrübəli siyasətçi və böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan üçün sivil dünyanın bir hissəsinə çevrilmək imkanının reallaşdırılmasına şərait yaratdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki ulu öndərimizin özünün dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Biz bu gün tam inamla söyləyə bilərik ki, əgər o vaxt Heydər Əliyev olmasa idi, Azərbaycan dövlətinin varlığı sual altında qalardı.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı 1993-cü il iyun ayının 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır. Ümummilli liderimiz Prezident seçilənədək 4 ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanmışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi.
Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Qısa müddətdə Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırmaq, deputatların çıxışlarının məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirərək müzakirəni səmərəli axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi.
Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, ümummilli liderimiz dünyanın qoluzorlularının iradəsinə qarşı çıxaraq, onların Azərbaycan üçün hazırladıqları məkrli planları alt-üst etdi, vətəndaş müharibəsinin qarşısını aldı, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən uğurla keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı.
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə silahlı dəstələrdən ibarət idi.
Ulu öndərimiz torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Görülən tədbirlər sayəsində Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı qüvvətli zərbələr Ermənistanı Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.
Ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiyalar cəlb edildi.
Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Dövlət Neft Fondu yaradıldı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı.
Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz ardıcıl inkişaf yoluna çıxdı. Müsəlman Şərqində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının, Parlamentlərarası İttifaqın, Avroatlantika Tərəfdaşlıq Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü, GUAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısı oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi.
Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri quruldu.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul edildi, demokratik şəraitdə bir neçə dəfə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.
Ölkədə bütün siyasi qüvvələrin və partiyaların sərbəst fəaliyyətinə, siyasi plüralizmin bərqərar olunmasına şərait yaradıldı.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
Hörmətli deputatlar, bu gün ulu öndərimizin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin davam etdirilməsi naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir.
Son illərdə iqtisadi artım sürətinə görə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxmışdır. İqtisadiyyatın ardıcıl inkişafı şəhər və kəndlərimizin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə, ədəbiyyata, incəsənətə və idmana dövlət qayğısı artır.
Cəmiyyət və dövlət həyatının bütün sahələri dünya standartları əsasında qurulur. Səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi bərqərar edilir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti hər gün yeni bəhrələr verir.
Bu gün Azərbaycan müasir dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyaya səs salan güclü bir dövlətdir. Əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. Bunları xalqımız da, dünya ictimaiyyəti də layiqincə qiymətləndirir. Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti dövlətimizin müstəqillik yollarında inamla irəliləməsini təmin edir.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın regionda mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizlik sistemində möhkəm yer tutması onun dünya birliyində nüfuzunu artırır.
Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır.
Dövlətimizin beynəlxalq mövqelərinin daha da genişlənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Əgər bu dövrdə parlamentin fəaliyyəti haqqında danışsaq, onu söyləməliyik ki, artıq 16 ilə yaxındır ki, Milli Məclis qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 3200-dən çox qanun və qərar qəbul etmişdir.
Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi xeyli yüksəlmişdir.
Əslində, parlament özü mahiyyət etibarilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən isə demokratiyanın inkişafı və onun dönməzliyinin təmin edilməsi üçün zəruri şərtdir. Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illər ərzində Azərbaycan parlamentinin praktikasında da özünü tam doğrultmuşdur.
Bizim təcrübəmiz də göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbi olmaqla, ictimai münasibətlər sistemindən, insanların psixologiyasından totalitar irsin qalıqlarının silinməsinə kömək göstərir. Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına və nəticə etibarilə hüququn aliliyinin bərqərar olunmasına zəmin yaradır.
Milli Məclis dövlətin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüququ mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir.
Qanunyaratma və qanunvericilik məsələlərinin həllində Milli Məclis qabaqcıl dünya təcrübəsindən bəhrələnməyə çalışır. Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistanın ölkəmizə silahlı təcavüzü, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olması, 1 milyon soydaşımızın qaçqın və köçkün kimi ağır vəziyyətdə yaşaması barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının, o cümlədən qondarma “erməni soyqırımı” əfsanəsinin ifşa edilməsi üçün zəruri tədbirlər görür, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların məlum sənədlərinin tələblərinin həyata keçirilməsini qətiyyətlə tələb edir.
Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO Parlament Assambleyası, Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında müntəzəm iştirak edir və bu vasitədən səmərəli istifadə edərək dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırırlar.
Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir. Hər il Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilir. Azərbaycan parlamenti dövlət büdcəsinin icrasına nəzarət edir, qanunların icrasının monitorinqini həyata keçirir.
Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər.
Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır.
Ölkəmizdə digər dövlət orqanları da ahəngdar fəaliyyət göstərir. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.
20 il Azərbaycanın çoxəsrlik tarixi üçün qısa bir zamandır. Amma bu qısa zaman kəsiyində ölkəmiz nəhəng inkişaf yolu keçmişdir. Azərbaycan xalqı bütün çətinlikləri dəf edərək, müstəqilliyini qoruyub saxlamış və inkişaf etdirmişdir. İndi bu 20 ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər.
Biz bu gün Azərbaycanın dövlət müstəqilliyindən danışarkən ümummilli liderimizin dediyi kimi, “mütləq qeyd etməliyik ki, həmin müstəqillik... Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin bərpasıdır. Bəli, biz onların varisiyik. Onların işinin davamçısıyıq – ancaq yeni şəraitdə, yeni tarixi zamanda”.
Ulu öndərimiz daha sonra demişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, bu müstəqillik Azərbaycan xalqının müstəqillik arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən yüksəlmiş böyük bir abidədir”.
Hörmətli deputatlar, çıxışımı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bu sözləri ilə bitirmək istəyirəm: “Bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir... Bizim ən böyük nailiyyətimiz bizim müstəqilliyimizdir, azadlığımızdır”. Yaşasın müstəqil Azərbaycan! Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Çox gözəl məruzə oldu. Çıxış eləmək istəyənlər, xahiş edirəm, yazılsınlar. Vahid Əhmədov buyursun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk olaraq mən Azərbaycan xalqını müstəqilliyimizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, müstəqilliyimiz əbədi olsun və Azərbaycan xalqı bu müstəqilliyin bəhrəsini görsün.
Cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, müstəqilliyin 20 illiyinin qeyd olunması ilə əlaqədar yanvar ayında xüsusi sərəncam imzaladı, YAP-ın rəhbərliyi ilə Bakı şəhərində və Azərbaycanın bütün bölgələrində silsilə tədbirlər həyata keçirildi.
Azərbaycanın müstəqilliyi, deyərdim ki, çox ağır şəraitdə əldə edilib. Düzdür, qeyd olunduğu kimi, SSRİ-nin süqutu Azərbaycanın müstəqilliyinin əsas amillərindən biridir, amma Azərbaycanda gedən digər siyasi prosesləri də heç vaxt yaddan çıxarmaq olmaz. Xüsusilə 1988–1991-ci illərdə Azərbaycanda gedən meydan hərəkatını və xalq hərəkatına rəhbərlik edən liderləri, mənə elə gəlir ki, unutmaq mümkün deyil, çünki Azərbaycanın müstəqil olmasında bu insanların da həddindən artıq böyük xidmətləri olmuşdur.
Azərbaycan 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Amma bu aktı qəbul etməmişdən qabaq xronologiyaya baxanda görürük ki, bu müstəqilliyə gedən yol heç də hamar olmamışdır. 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması ilə əlaqədar referendum keçirilməsi ilə bağlı bütün respublikalara göstəriş verilmişdi və Mərkəzi Komitənin Siyasi Bürosunun bu haqda xüsusi qərarı var idi. O vaxt rəhmətlik ulu öndərimiz Heydər Əliyev Naxçıvanda idi, eyni zamanda, Azərbaycan Ali Sovetinin deputatı idi. Naxçıvanda referendumun keçirilməməsi ilə əlaqədar olaraq xüsusi qərar qəbul olundu və Naxçıvanda referendum keçirilmədi. Amma Azərbaycan Ali Soveti referendumun keçirilməsi ilə əlaqədar xüsusi iclas keçirdi və məsələ “hə”, “yox” cavabı ilə səsverməyə qoyuldu.
Bu səsvermədə iştirak edən deputatlardan yalnız 43 nəfər Azərbaycanın müstəqil fəaliyyət göstərməsinə, SSRİ-nin tərkibindən çıxmasına səs verdi. Bu tarixdir və bunu heç vaxt pozmaq olmaz. Bizim burada gözəl tarixçilərimiz oturub, onlar tarix yazırlar. Azərbaycanın yeni tarixini düzgün, açıq yazmaq lazımdır. Vaxt gələcək, onsuz da arxivlər açılacaq və bu tarix yazılacaq.
1997-ci ildə jurnalistlər rəhmətlik Heydər Əliyevə sual verdilər ki, Azərbaycan 6 ildir müstəqildir, Azərbaycanın ən böyük uğuru nədən ibarətdir? Cavabında dedi ki, Azərbaycanın ən böyük uğuru Azərbaycanın 1 ildə müstəqil olmasıdır. Mən bu gün fəxr edirəm ki, şəxsən o 43 nəfərin içindəyəm, Azərbaycanın müstəqilliyinə səs verən insanlardan biriyəm. Arzu edirəm ki, Azərbaycanın müstəqilliyi əbədi olsun.
Azərbaycanın müstəqilliyinin daimi və dönməz olması, mənə elə gəlir ki, 1994-cü ilin sentyabr ayında imzalanmış neft kontraktı ilə birbaşa əlaqədardır. Düzdür, bu kontraktdan sonra Azərbaycanda 30-a yaxın kontrakt imzalandı, amma məhz bu kontraktın imzalanması ilə Azərbaycana əlavə vəsaitlər, investisiyalar daxil oldu, xarici şirkətlərin, iri dövlətlərin Azərbaycana marağı artdı. Nəticədə Azərbaycanda stabilliyə meyil bir qədər artdı. 1995-ci ildə mart çevrilişi və digər hadisələr baş versə də, Heydər Əliyevin ağıllı siyasəti nəticəsində bunların qarşısı alındı.
Əlbəttə, Azərbaycan bu gün uğurla inkişaf edir, bunu heç kim inkar edə bilməz. Adi rəqəmlərə nəzər salaq. 1994-cü ildə Azərbaycanın dövlət büdcəsi 195 milyon manat idisə, 2000-ci ildə, yəni müstəqilliyin 10-cu ilində bu rəqəm 940 milyon manata çatdı. Hazırda Azərbaycanın dövlət büdcəsi təxminən 16,5 milyard manatdır. Yəni Azərbaycanda 100 dəfələrlə artım var. Azərbaycanda sosial yönümlü, investisiya yönümlü layihələrin həyata keçirilməsi faktdır və bunları heç kim inkar edə bilməz.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında iqtisadi uğurlar da əsas amillərdən biridir. 2003-cü ildən sonra cənab İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar Azərbaycana çox böyük gəlirlər gətirdi. Mən bunlardan əsasən birini qeyd eləmək istəyirəm. Neft və qazın ixracı ilə əlaqədar Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin, Bakı–Tbilisi–Qars dəmiryolunun çəkilişi və sair hadisələri həyata keçirmək Azərbaycanın müstəqilliyinin əbədiliyinə möhkəm bir təkan verdi. Əlbəttə, demək olmaz ki, Azərbaycanda problemlər yoxdur. Problemlər var, bu problemlər mütəmadi olaraq mətbuatda qeyd olunur. Azərbaycanın dövlət başçısı keçirdiyi iclaslarda, müzakirələrdə öz göstərişlərini verir.
Azərbaycanda vətəndaş cəmiyyəti, demokratik institutlar yaradılır. Doğrudur, bu institutların yaradılması hələ Azərbaycanda vətəndaş cəmiyyətinin tam bərqərar olması demək deyil. Mən belə hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin əbədi olmasını istəyən insanlar dialoqa gəlməli, müəyyən məsələlərdə dövlətlə bir yerdə hərəkət etməlidirlər, çünki Azərbaycanın müstəqilliyi Azərbaycan xalqına çox baha başa gəlib. Bizim vəfat etmiş insanlarımız heç vaxt Azərbaycanın müstəqilliyinin bir daha itirilməsini bizə bağışlamazlar.
Azərbaycanın xarici aləmdə nüfuzu günü-gündən artır, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq tanıyırlar. Amma bütün bunların hamısı kağız üzərindədir. Bizə lazımdır ki, Azərbaycan öz ərazilərini işğaldan azad etsin. Mən belə hesab edirəm ki, Azərbaycanın dövlət başçısının apardığı siyasət, – bu gün buna balanslaşdırılmış siyasət deyirlər, – düzgün siyasətdir, bunu davam etdirmək lazımdır.
Azərbaycan Dağlıq Qarabağı azad etmək üçün mütləq öz ordusunu gücləndirməlidir. Orduya ayrılan vəsaiti ilbəil artırmaq lazımdır. Güclü ordu olmasa, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarına malik olmayacaq. Düzdür, sülh yolu ilə məsələnin həlli variantından çox danışırlar, amma fikir verin, 1994-cü ildə atəşkəs elan olunub, üstündən 17 il keçməsinə baxmayaraq, Dağlıq Qarabağla əlaqədar heç bir irəliləyişə nail olunmayıb. Azərbaycan parlamentariləri, əlbəttə, beynəlxalq təşkilatlarda öz sözlərini deyirlər. Mən bununla tamamilə razıyam ki, bu istiqamətdə çox böyük işlər gedir. Amma vaxt gələcək, Azərbaycan öz torpağını yalnız və yalnız müharibə yolu ilə azad edəcək. Hələ tarixdə elə bir hal olmayıb ki, kim isə işğal etdiyi torpağı protokol vasitəsilə geri qaytarsın. Mənə elə gəlir ki, biz buna nail ola bilməyəcəyik. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlardan çox asılıdır. Həyata keçirilən siyasi və iqtisadi islahatlar bizi əmin edir ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi daimi, əbədi və dönməz olacaqdır. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi bir 5 dəqiqə deyəcək, digəri başqa təklif verəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Neçə dəqiqə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqəyə etiraz edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 5 dəqiqəyə keçirik. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də müstəqillik günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Təbii ki, mən müstəqilliyin Azərbaycan üçün dəyəri, nə qədər böyük nemət olduğu haqqında fikirlər bildirmək istəmirəm, çünki burada olan insanların hamısı bunu çox gözəl və çox yüksək səviyyədə bilirlər və bu tarixi proseslərin iştirakçılarıdır.
Mən nədənsə Səməd Vurğunun məşhur “Zəncinin arzuları” poemasını xatırlamalı oldum. Orada zəncinin ağır həyatından bəhs edilirdi. O dövrlərdə kimsə düşünə bilməzdi ki, nə zamansa qara dərili bir insan Amerika Birləşmiş Ştatlarında prezident olacaq. Deməli, xalqların taleyində elə xəyallar var ki, o, gerçəkləşə bilir. Ona görə də rəsmi mətnlərdə deyil, digər mətnlərdə “Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail oldu” ifadəsini bir qədər də dəqiqləşdirmək gərəkdir. Azərbaycan xalqının yalnız bir hissəsi öz dövlət müstəqilliyinə nail olubdur və biz Güney Azərbaycanda yaşayan 35 milyonluq xalqımızın da öz müstəqilliyinə qovuşacağına inanmalıyıq. Ən azı, bunu ara-sıra dilə gətirməliyik. Bu, başqa dövlətlərin işinə qarışmaq deyil. Bu, bizim milli iradəmiz və milli hədəfimiz olaraq hər zaman xatırlanmalıdır. Ona görə də mən arzu edirəm ki, XXI əsrdə, XXII əsrdə biz bu günü də görək və bunu da qeyd edək.
Müstəqillik tarixi, təbii ki, obyektiv qiymətləndirilməlidir. Mən də o fikirlərlə şərikəm ki, bu tarixə hamını birləşdirən bir gün kimi yanaşılmalıdır. Çox təəssüf ki, iqtidar mətbuatında, iqtidar mənbələrində bu, birbaşa iqtidara aid olan, onun təbliğatı üçün nəzərdə tutulan gün kimi qiymətləndirilir. Müxalifət mətbuatında da yalnız onlara aid olan, ancaq onların haqqı çatan bir gün kimi dəyərləndirilir. Mən o fikirlə razı deyiləm.
Təbii ki, buna səs verən insanlar çox böyük iş görüblər və bu haqqı vermək lazımdır. Amma səs verən insanların içində elələri var ki, kaş müstəqilliyə səs verməyəydilər, amma Azərbaycan dövləti üçün faydalı işlər görəydilər. Onların da içərisində faydasız fəaliyyəti ilə seçilən o qədər insan var ki, onları bu gün baş tacı etməyə də dəyməz. Səs verməyən insanların içərisində də Azərbaycan dövləti üçün çalışan, fayda verən elə insanlar var ki, onları bu kampaniya içərisində qaralayaraq sıradan çıxarmaq da yanlış bir düşüncənin məhsuludur.
Məncə, tarixdə bu cür müqayisələr apararaq insanları qiymətləndirmək yerinə bu günün hamının haqqı olmasına gətirib çıxaracaq bir düşüncəni ortaya qoymağımız vacibdir. Məsələn, bu gün Milli Məclisin iclasına müstəqillikdə rolu olan insanların, o zamankı partiya rəhbərlərinin, lap bu gün müxalifətdə olan və hakimiyyətə radikal mövqedə duran şəxslərin dəvət olunmasının nə ziyanı olardı? Bu, birləşdirici bir hərəkət olardı.
Digər tərəfdən, müstəqilliyə səs verən bu insanların arasında elələri var ki, bu gün çox acınacaqlı vəziyyətdədirlər. Rəhmətə gedənlər var, ailələri yaxşı vəziyyətdə deyil. Onlara Prezident təqaüdünün verilməs cəmiyyətdə çox yaxşı qarşılanardı. Bu humanist addımları biz bütün ölkələrdə müşahidə edirik. Azərbaycanda da elə bir ənənə qoyulmalıdır ki, artıq müstəqilliyin 25, 30 illiyində biz bunu bir-birimizə qarşı ittiham gününə deyil, bir-birimizə qarşı sevgi, sayğı gününə çevirə bilək. Bu baxımdan, mən hesab edirəm ki, gələcəkdə bu tədbirlərin mahiyyəti fərqli bir istiqamətə dəyişməlidir.
Müstəqilliklə bağlı bir faktı da qeyd edirəm. Azərbaycan Cümhuriyyətinin rəhbərlərinə münasibətdə müsbət və çatışmayan məsələlər var. Mən dəfələrlə burada məsələ qaldırmışam. Nuru Paşaya Azərbaycan olduqca həssas yanaşmalıdır. Azərbaycanın müstəqilliyində çəkisinə, işinin masştabına görə mühüm rolu olan tək bir kişi varsa, o da Nuru Paşadır. Bakını, bu torpağı işğaldan azad edib. Burada canını qoyan bir insana biz layiqli qiymətini vermirik. Oqtay müəllim, xahiş edirəm, bu məsələni Siz də qaldırasınız. Bu məsələni həll edək ki, heç olmasa, onun ruhu qarşısında borcumuzu azacıq da olsa yerinə yetirmiş hesab edək. Bir daha hamınızı təbrik edirəm. Bundan sonra işğaldan azad olmuş, bütün torpaqları öz hüdudlarında olan bir Azərbaycanı görmək ümidi ilə...
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi əhəmiyyətinə görə çox böyük bir bayramdır. Bu hər bir Azərbaycan vətəndaşının bayramıdır. Bu, bütün dünya azərbaycanlılarının bayramıdır. Mən bu bayram münasibətilə xalqımızı təbrik edirəm. Cənab Sədr, başda Siz olmaqla bütün həmkarlarımı təbrik edir, qanunvericilik hakimiyyətinin həyata keçirilməsi kimi çox çətin və şərəfli bir vəzifənin icrasında hər birinizə uğurlar arzulayıram.
Tarix dəfələrlə sübut edib ki, hər bir xalqın dünyada tanınması, dünya xalqları sırasında layiqli bir yer tutması, adət və ənənələrini, milli-mənəvi dəyərlərini, bir sözlə, böyük hərflə yazılan Milli Mənliyini qoruyub saxlaması üçün müstəqil dövlətə sahib olması vacib bir şərtdir.
Zəngin mill azadlıq təcrübəsi və dövlətçilik ənənələri olan Azərbaycan xalqı da 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Lakin bolşevik Rusiyasının silahlı müdaxiləsi nəticəsində ömrü 23 ay olan Cümhuriyyət süquta uğradı, Azərbaycan işğal edildi və xalqımız təxminən 70 il müddətində sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qaldı.
Xalqımız sovet imperiyasının tərkibində yaşadığı bir müddətdə azadlıq, müstəqillik kimi ideyalar ictimai şüuru tərk etmədi. Nəinki ictimai şüuru tərk etmədi, hələ ulu öndər Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə formalaşdırdığı milli özünüdərk arzuları daha da qüvvətləndirdi və 1980-ci illərin sonunda Azərbaycanda milli azadlıq hərəkatı geniş vüsət alanda bu, əsas səbəblərdən biri kimi meydana çıxdı. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycan xalqı 1991-ci ilin məhz bu günündə dövlət müstəqilliyini bərpa etdi.
Çox qürurverici bir haldır ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı məhz bu zalda qəbul olundu. Amma tarix özü dəfələrlə sübut edib ki, müstəqilliyin əldə olunması onun qorunub saxlanılmasından çox asan məsələdir. Azərbaycanda da belə bir hal baş verdi. Azərbaycanda xaos, özbaşınalıq hökm sürürdü, iqtisadiyyat dağılmışdı, tənəzzül davam edirdi. Azərbaycan gəncləri müxtəlif qanunsuz silahlı birləşmələrə cəlb olunaraq faktiki surətdə üz-üzə qoyulmuşdular. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasındaydı, Azərbaycan dövləti isə məhv olmaq ərəfəsinə gətirilib çıxarılmışdı.
Azərbaycanda müxtəlif qondarma dövlətlər meydana çıxmış, Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının müdafiəsi isə, sadəcə, taleyin ümidinə buraxılmışdı. Bir sözlə, Azərbaycanda hakimiyyət qiyafəsində bir hakimiyyətsizlik mövcud idi. Bunun da yeganə bir səbəbi var idi – Azərbaycanda dövlət yox idi. Düzdür, Azərbaycanın coğrafi ərazisində Azərbaycan Respublikası adlı dövlət var idi və Birləşmiş Millətlər Təşkilatına üzv də qəbul olunmuşdu. Amma fakt bu idi ki, Azərbaycan Respublikasının ərazisində dövlət deyil, siyasi özfəaliyyət səviyyəsində bir qurum var idi. Dərnək səviyyəsində olan bir qurumdan dövlətin funksiyalarını icra etməsini gözləmək, düşünürəm ki, ən azından gülünc olardı.
Ulu öndər Heydər Əliyev məhz belə bir zamanda hakimiyyətə gəldi və çox sevindirici haldır ki, bu tarixi missiyanı məhz bu zaldan Azərbaycan parlamentinin sədri kimi həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi qısa bir müddət ərzində 120 qanun və qərar qəbul olundu.
Mən düşünürəm ki, bu tarixi faktın özü bu zalda iştirak edən hər bir şəxsin üzərinə əlavə məsuliyyətlər qoyur. Azərbaycanda de-fakto Azərbaycan Respublikası adlı dövlət quruldu, ulu öndərin rəhbərliyi altında Azərbaycanın ilk milli Konstitusiyası hazırlandı və qəbul olundu. Bu Konstitusiya əsasında Azərbaycanın ilk milli qanunları qəbul olundu, yeni qanunvericilik sistemi formalaşdırıldı, Azərbaycan sovet qanunlarına kosmetik dəyişikliklər edilən bir məmləkətdən milli qanunlarla idarə olunan bir dövlətə çevrildi.
Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mədəni inkişafının stratej xətti işlənib hazırlandı və bu xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan müstəqil dövlət olmaqla yanaşı, regionda söz sahibi, Cənubi Qafqazda lider bir dövlətdir. Mən bir daha bu bayram münasibətilə hər bir şəxsi ürəkdən təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlmişdir. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirilən möhtəşəm neft strategiyası, uzunmüddətli iqtisadi siyasəti ölkənin makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə yanaşı, davamlı iqtisadi artımı da təmin etmiş, iqtisadiyyatın modernləşdirilməsini və şaxələnməsini dərinləşdirmiş, qeyri-neft sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuş, Azərbaycanı dünyada islahatçı dövlət kim tanıtmışdır.
Bu gün 20 milyard dollarlıq dövlət büdcəsinə, 40 milyard dollarlıq valyuta ehtiyatına malik olan müstəqil Azərbaycanımız 20 illik zaman kəsiyində 40–50 ilə bərabər bir yol keçmiş, Cənubi Qafqazın iqtisadiyyatının 75–80 faizini, ixrac potensialının 90 faizini öz payına yazmaqla regionun iqtisadi və hərbi baxımdan ən qüdrətli lider dövlətinə çevrilmiş, beynəlxalq münasibətlərin etibarlı subyekti olmuşdur.
Ulu öndərin 1990-cı illərin sonunda Naxçıvanda başladığı Azərbaycanın müstəqilliyi mübarizəsi 1991-ci il avqustun sonunda Azərbaycan parlamenti tərəfindən Dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamənin, oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə hüquqi müstəvidə tamamlandı.
Lakin məlum olduğu kimi, müstəqilliyin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, bacarıqsızlığı ucbatından müstəqilliyin itirilməsi qorxusu yaranmışdı. Hakimiyyətdə olanlar dövlətçiliyin möhkəmlənməsi üçün iş görmək əvəzinə, ölkəni dünyada, regionda gedən proseslərdən uzaq salaraq onun təcrid olunmasına şərait yaradırdılar. Hakimiyyət çəkişmələri, cəbhədəki uğursuzluqlar, ölkənin şimalında və cənubunda daxili separatçı meyillərin güclənməsi dövlət müstəqilliyinin məhvinə aparırdı.
Azərbaycanın belə bir ağır vəziyyətində xalqın tələbi ilə hakimiyyətə gələn böyük dövlət xadimi və təcrübəli siyasətçi Heydər Əliyev dövlət müstəqilliyini bütün təhlükələrdən qorudu, xilaskarlıq missiyasını müdrikliklə, qətiyyət və yenilməz iradə ilə, böyük uzaqgörənliklə həyata keçirməyə başladı. Əgər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, Azərbaycanı, onun müstəqilliyini daha böyük faciələr gözləyəcəkdi.
Ulu öndər xalqımızın özünə inamını bərpa edərək dövlət idarəçiliyinə yeni ruh, müasirlik gətirdi, ölkənin bütün potensialını mill problemlərin həllinə səfərbər etdi. Heydər Əliyevin qətiyyəti nəticəsində qısa zamanda uzun illərə hesablanmış sabitlik təmin olundu, dövlət idarəçiliyi gücləndirildi, mükəmməl sosial-iqtisadi siyasət həyata keçirildi.
Neft-qaz ehtiyatları ilə zəngin Azərbaycanın müstəqilliyin ilk illərində bu sahənin inkişafına yönəldilmiş siyasi-iqtisadi xəttinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Gələcəkdə Heydər Əliyevin neft strategiyası adlandırılacaq bu strategiyanın ulu öndərin 2 mühüm qərarı ilə əsası qoyuldu. Bu qərarlar Azərbaycanın neft-qaz siyasətinin formalaşmasında başlıca rol oynadı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verməyə hazır olduğunu nümayiş etdirdi.
1994-cü il sentyabrın 20-də dünyanın 8 qabaqcıl ölkəsinin transmilli neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. 1996-cı il iyunun 6-da isə “Şahdəniz” qaz yatağının işlənməsinə dair bağlanan müqavilənin imzalanması ilə Heydər Əliyevin böyük neft siyasəti dönməz xarakter aldı.
Bu gün bu layihələr və onların davamı olan təşəbbüslər Heydər Əliyev siyasi və iqtisadi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla və ardıcıl davam etdirilir. Onun rəhbərliyi ilə 2006-cı ilin mayında Bakı–Tbilisi–Ceyhan neft kəməri, sentyabrında isə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. Bu gün Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları 2 milyard tona yaxın, qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdən çoxdur. Karbohidrogen resurslarımız 7 kəmər vasitəsilə Avropa və dünyanın digər bazarlarına çıxarılır.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən 10 il ərzində qorunub saxlanan dövlət müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmləndirilir.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət Aslanova.
R.Aslanova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün bu zalda həm hər birimizin, həm də dövlətin həyatında baş verən 20 illik hadisələrin səmimi hesabatı dinlənilir. Bu illər ərzində yaşadığımız hər bir günün, hər bir tarixi mərhələnin qiymətini necə verməyimiz həmin tarixi nə qədər düzgün qiymətləndirməyimizdən asılıdır. Bu gün dövlətçiliyimizin keçdiyi mühüm, mürəkkəb yola bir daha dönüb baxırıq. Dövlətin yaranması prosesi olduqca mürəkkəb bir prosesdir. Bu gün burada dinlənilən məruzədə və ayrı-ayrı çıxışlarda o keçilən mərhələlərin ağrısı, acısı, əldə etdiyimiz uğurlar bir daha yada salındı.
Bu 20 illiyin yüksək zirvəsindən həmin tarixi dövrə nəzər salarkən həm müstəqillik uğrunda canını qurban vermiş insanların, həm də müstəqilliyin taleyin bir tükdən asılı edən nankorların, xəyanətkarların fəaliyyətini düzgün qiymətləndirməliyik. Bayaq burada Fazil müəllim söylədi ki, bu insanların artıq o fəaliyyətinin üzərindən keçmək, onları bağışlamaq, bu gün bəlkə də hamını eyniləşdirmək prinsipi ilə çıxış etmək lazımdır. Mən bunun tamamilə əleyhinə olan bir insanam. Hər kəsin dəyərini, hər kəsin fəaliyyətinə qiyməti tarix verir. Bu baxımdan müstəqil dövlətin yaranmasındakı o böyük çətinliklərin, o keşməkeşli məqamların dəyərini düzgün verib, ulu öndərin fəaliyyətini düzgün qiymətləndirmək lazımdır.
Dövlətin yaranması o qədər mürəkkəb bir prosesdir ki, yaşamaq istəyən dövlət bir sıra məqamları gerçəkləşdirməlidir. Dövlət ilk növbədə ən vacib vektorlarını – strateji, geosiyasi, ideoloji, sivilizasion vektorlarını müəyyən etməlidir ki, sabah hansı işləri görəcəyini ortaya qoya bilsin. Dövlət hansı modeli seçməli olduğunu dəqiq müəyyən etməli, cəmiyyətdə olan ayrı-ayrı siyasi maraqları bir vahid milli maraq ətrafında birləşdirməyi bacarmalı, fərdi dövlətçilik təfəkkürü və duyğusunu formalaşdırmalıdır. Bütün bu məqamları bir araya gətirmək, bunun həm milli, həm də beynəlxalq müstəvidə optimal həllini tapmaq o qədər də asan məsələ deyil.
Təsadüfi deyil ki, dünənki çıxışında möhtərəm Prezidentimiz İlham Əliyev həmin tarixi mərhələlərin xüsusiyyətini göstərdi. 2000-ci ilədək olan dövr bu dövlətin yaranması, güclənməsi, 2000-ci ildən bu günədək olan dövr isə dövlətin daha da inkişaf edərək gələcəyə doğru addımlaması dövrüdür.
Biz dünəndən danışdıq. 20 il ərzində baş verən hadisələr hər birimizin gözü qarşısındadır. Bu, həm milli etiraf, həm beynəlxalq etiraf almış məqamlardır. Ancaq sabah yeni bir tarix başlayır. Sabahkı tarixlə əlaqədar olaraq biz bu gün fikirlərimiz söyləməliyik. Bu gün dünyada dövlət məfhumuna başqa cür münasibət var. Dövlətin milli suverenliyinin təhlükələrlə üzləşdiyi də gözümüz qarşısındadır. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir millət vəkili, müstəqilliyi qiymətləndirən hər bir şəxs bu dövlət müstəqilliyinin qorunması üçün hansı addımlar atacağı, nə edəcəyi, gələcəyin çağırışlarına necə cavab verəcəyi üzərində düşünməli, dövlət başçımızın apardığı böyük siyasətin arxasında olmalıdır.
Cəmiyyət islahatlarla inkişaf edir. Bu islahatların bu gün davam etməs təkzibolunmaz bir həqiqətdir. Dövlət də statik bir qurum deyil, daim dəyişən, daim yeniləşən bir qurumdur. Bu 20 il ərzində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdən yeni bir sosial dövlət mərhələsinə addımlayıb. Məhz bütün bunları anlayan, bütün bunların həyata keçməsinə, gerçəkləşməsinə yardım edən, məsuliyyət hissi yaşayan Azərbaycan vətəndaşının formalaşması bu günümüzün uğuru və sabahımızın təminatıdır.
Biz yeni insanlarıq, 20 il bundan əvvəlki insanlar – xaos içərisində yaşayan, sabaha ümidsiz olan insanlar deyilik. Biz artıq qüvvətli bir dövlətin rəqabətə davamlı bir mühitdə özünü təsdiq etmək imkanına malik vətəndaşlarıyıq. Bunu tək biz demirik, bunu dünyada olan bütün dövlətlərin başçıları deyir. Bunu Azərbaycanda gedən proseslərin uğurunu görən insanlar etiraf edir.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün şərafət və ləyaqət tariximizin belə bir müzakirə ilə anılması təqdirəlayiqdir və tarixi hadisələrə, taleyüklü məsələlərə Milli Məclisin belə bir çevik münasibəti qiymətlidir.
XX əsrdə Azərbaycan xalqı iki dəfə böyük imtahan verməli olub – əsrin əvvəlində və sonunda. Əsrin əvvəlində zaman məsələni çox kəskin qoymuşdu: ya ayağa qalx, öz milli varlığını sübut et, dünya xalqları sırasına qoşul, dövlətçiliyini bərpa et, tarixi torpaqlarına sahib ol, ya da sus, bölün, parçalan və böyük dövlətlərin istədiyi formaya düş. Avropanın qabaqcıl təhsilinə və Rusiyanın qabaqcıl düşüncələrinə yiyələnən o dövrün böyük ziyalıları bu tarixi gerçəkliyi dərk etdi, ayağa qalxdı, İstiqlal Bəyannaməsini elan etməklə bütün dünyaya car çəkdi: var Azərbaycan dövləti, var Azərbaycan xalqı! Lakin zamanın sərt sınaqları onların əməllərinə nisbi bir sonluq gətirdi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazanan zaman məhz bünövrəsi o vaxt qoyulmuş bir dövlətdən barındı və bir varis kimi o fəaliyyəti davam etdirdi. İki ildən sonra Azərbaycanın geosiyasi vəziyyətindən bəhrələnmək, tükənməz sərvətlərinə yiyələnmək istəyən dünya dövlətlərinin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər yenə dövlətimizin varlığına qənim kəsildi. Genetik kodunda antiazərbaycan elementləri daşıyan qüvvələr bu niyyətləri reallaşdırmaq üçün birləşib Azərbaycanı yenidən təhlükə qarşısında qoydular.
O mürəkkəb dövrdə dağılmaqda olan Azərbaycan dövlətini kim xilas edə bilərdi? Təbii ki, xalqın seçimi. Xalq öz seçimini Heydər Əliyevdə gördü. 1960-cı illərdən millətin taleyinin etibar edildiyi bir rəhbər bu milləti xilas edə bilərdi və xilas etdi.
Gəncədə başlanmış hadisə bir qığılcımdan yaranan alov kimi bütün Azərbaycanı bürüyə bilərdi. Yerində söndürüldü.
Azərbaycan iqtisadi məngənədə üzülürdü, əzilirdi. Qısa bir müddətdə bu vəziyyətə son qoyuldu. Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi kimi çıxış etməyə başladı.
O vaxt Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsində Dağlıq Qarabağın Azərbaycanın, yoxsa Ermənistanın tərkib hissəsi olması ətrafında müzakirələr gedirdi. Heydər Əliyev dühası sübut etdi, nəinki Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycanın bu tərkib hissəsi Ermənistan tərəfindən işğal olunub. Bütün müzakirələr bu istiqamətə yönəldi. Bu, xarici siyasətin ən böyük, uğurlu addımlarından biri idi.
Heydər Əliyevin hakimiyyətdə olduğu o ağır, çətin dövrdə Azərbaycanda iqtisadi, siyasi, mədəni, mənəvi sahələrdə böyük islahatlar aparıldı.
Növbəti mərhələ İlham Əliyevin Prezidentliyi dövrünü əhatə edir. Təbii ki, vaxt, zaman imkan vermir, bunu səciyyələndirim. Ona görə fikrimi bir-iki cümlə ilə deyəcəyəm. Azərbaycan regionda iqtisadi və hərbi cəhətdən güclü, siyasi sabitliyi ilə dünyaya nümunə olan bir dövlətə çevrildi. Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi nəticəsində Azərbaycan libasını dəyişdi. Tozun, torpağın içərisindən çıxarılan Azərbaycan yeni libasda dünyaya təqdim edildi və bu proses bu gün də davam edir.
Minlərlə şəhidin qanı hesabına yaranıb bu müstəqil dövlət. Bu gün şəhidlərin ruhu şaddır. Azərbaycan müstəqildir. Bu dövləti qurub yaradan insanlar bizə bunu təhvil verib. Bu gün onların – yaşayanların qəlbi fərəh dolu, dünyasını dəyişənlərin ruhu şaddır. Azərbaycan güclüdür. Vaxtikən babalarımız “yox millətimin imzası imzalar içində” deyib, dünyasını dəyişdilər. Bu gün dünyanın ən uca bayrağının sancıldığı Azərbaycan məmləkətinin hər bir vətəndaşı qürurla deyə bilər: “Var millətimin imzası imzalar içində!”. Qoy o millətin imzası əbədi, əzəli olsun. Eşq olsun o imzanı atanlara və yaşadanlara! Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. İqbal Ağazadə.
İ.Ağazadə. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hər birinizi, o cümlədən Azərbaycan xalqını müstəqilliyimizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm, bu müstəqilliyi gələcək nəsillərə elə səviyyədə ötürək ki, ölkəmizin hər bir vətəndaşı Avropa ailəsində, dünyada layiqli yerini tutacaq bir Azərbaycanla fəxr etsin.
Keçmişdə nəyin səhv və ya doğru olduğunu, kimlərin haqlı olub-olmadığını tarix və tarixçilər müəyyən edəcək. Hesab edirəm ki, bu 20 ildə qazandıqlarımız və Azərbaycanın 20 illik müstəqilliyini qeyd etməyimiz özü böyük bir nailiyyətdir. Bir millətin övladları olaraq biz hamımız bu nailiyyətlərlə öyünməli və gələcəyə baxmağı bacarmalıyıq. Tarixin müxtəlif dönəmlərində məsuliyyəti üzərində olan şəxslərin buraxdıqları səhvlər də zaman-zaman unudulacaq və hesab edirəm ki, Azərbaycanda bir barış cəmiyyəti, barış mühiti yaranacaq.
20 illik yubileydə adətən arzular səslənir. Bu tipli məsələlərdə insanlar ancaq istəklərini və xoş məramlarını ifadə edirlər. Mən də çox istərdim ki, müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan bundan sonra cəmiyyətin bütövlüyünü təmin etsin. İlk növbədə vətəndaş sülhü və barış cəmiyyəti yaradılması ilə Azərbaycan torpaqlarını işğaldan azad eləyək və Azərbaycanın bütün ərazilərində onun dövlət suverenliyi bərpa olunsun. Bu istiqamətdə Azərbaycan iqtidarı cəmiyyətin bütövlüyünü təşkil edə bilsin və cəmiyyətin bütün təbəqələri torpaqlarımızın işğaldan azad olunmasına cəlb olunsun. Mən çox istərdim ki, 1991-ci il martın 2-də bu zalda SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 deputatın hamısı buraxdıqları səhvə və yaxud keçmişdə olanlara baxmayaraq, “İstiqlal” ordeni ilə təltif edilsin və onlara Prezident təqaüdü verilsin. Çünki etdikləri səhvlər Azərbaycanın müstəqilliyinə səs verməkdən çox-çox kiçik bir şeydir.
Hesab edirəm, Azərbaycanda barış cəmiyyətinin yaradılması üçün, Avropa ailəsinin bir üzvü olduğumuzu sübut etmək üçün Azərbaycanda böyük bir amnistiyaya ehtiyac var. Azərbaycanın birinci xanımı hörmətli Mehriban xanım Əliyeva həm xoşməramlı səfir, həm də birinci xanım kimi dəfələrlə amnistiya təşəbbüsü ilə çıxış eləyib. Çox istərdim ki, 20 illiyin bu dönəmində də ilin sonuna qədər o elə bir təşəbbüslə çıxış etsin ki, ömürlük məhbuslar, siyasi cəhətdən həbsdə olanlar, Azərbaycanda bu və ya digər xırda cinayətkarlıq əməllərinə görə həbsdə olanlar 20 illiyin, müstəqilliyin dadını öz ailələrində, evlərində çıxarsınlar və bu 20 illik müstəqillik dönəmində dövlət tərəfindən bağışlandıqlarının şahidi olsunlar. Mən çox istərdim ki, bu gün Azərbaycanda Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Arif Hacılı başda olmaqla 2 aprel mitinqində həbs olunanların azadlığa buraxılması müstəqilliyin 20-ci ilindən 21-ci ilinə ötürülməsin, onlar da həbsdən azad olunsunlar, ailələrinə qayıtsınlar.
Mən çox istərdim ki, Azərbaycanda Siyasi partiyalar haqqında yeni qanun qəbul olunsun və Azərbaycanda bütün problemləri bir masa arxasında dialoqla çözə biləcək iqtidar-müxalifət münasibətləri formalaşsın. Mən arzu edərdim ki, Azərbaycan vətəndaşları siyasi mövqelərini necə ifadə eləməklərindən asılı olmayaraq ən gərəkli vaxtda bir-biri ilə əl-ələ, çiyin-çiyinə dayanıb Azərbaycanın dövlət müstəqilliyini qoruya bilsinlər, onu gələcək nəsillərə ötürmək üçün bir yerdə mücadilə aparmağa həm mənəvi, həm də siyasi gücləri olsun.
İnanıram ki, gələcək illərdə müstəqilliyimizin 25 illiyini biz qeyd eləyəndə, inşallah, bu saydığım faktların heç biri olmayacaq və Azərbaycan gerçək bir Avropa ailəsinin üzvü kimi gerçək mədəni, maddi dəyərlərini qoruyan bir dövlət olaraq vətəndaşlarının hamısının arzu və istəklərini yerinə yetirəcəkdir. Bir daha sizin hamınızı təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli həmkarlarım, milli liderimiz Heydər Əliyevin gözəl bir sözü vardır. Deyirdi, Azərbaycan dövləti dünyanın hər yerində yaşayan azərbaycanlıların dövlətidir, vətənidir. Ona görə mən buradan, bu tribunadan dünyanın hər yerində yaşayan azərbaycanlıları, harada doğulmasından və yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı təbrik edirəm. Çünki Azərbaycan dövlətinin müstəqilliyi dünyanın harasında doğulmasından və yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün ən müqəddəs dəyərdir, nemətdir. Sadəcə, bir şeyi xatırlasaq ki, dünyada yüzlərlə xalq və millət var, amma onların bir çoxunun müstəqil dövləti yoxdur, Azərbaycanımızın müstəqilliyinin nə qədər böyük dəyər və nemət olduğunu görə bilərik.
Bu günlərdə Gülüstan müqaviləsinin 198-ci ildönümü idi. Elə təkcə o Gülüstan müqaviləsindən sonra millətimizin, vətənimizin keçdiyi yola, üzləşdiyi faciələrə baxsaq, 410 min kvadrat kilometrlik vətənimizin, millətimizin, torpağımızın başına gələn faciələri xatırlasaq, görərik ki, Azərbaycanın dövlət müstəqilliyi dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün nə qədər önəmli bir dəyər, nemətdir.
Mən ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda, Azərbaycanın inkişafı uğrunda canından keçən, həyatını qurban verən bütün insanlarımızı, şəhidlərimizi xatırlayıram. Onların qarşısında biz həmişə baş əyirik. O insanlardan biri də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan milli liderimiz Heydər Əliyevdir.
Mən o günləri yaxşı xatırlayıram. 20 il əvvəl biz tələbə idik. Problemlərin, təhlükələrin çoxluğundan sabaha ümidlə baxa bilmirdik. Amma bugünkü Azərbaycan gəncliyi gələcəyə çox böyük ümidlərlə baxır.
Milli liderimiz Heydər Əliyevin gözəl bir sözü vardır. Deyirdi ki, Azərbaycanın güclənməsi dünyadakı bütün azərbaycanlıların güclənməsi deməkdir. Dünyadakı azərbaycanlıların güclənməsi isə Azərbaycanın güclənməsi deməkdir. Ona görə dünyanın hər yerində yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin güclənməsi üçün var qüvvələri ilə çalışmalıdırlar. Çünki bu dövlətin gücü bu gün də, sabah da onların gücü olacaq. Ona görə dünyanın hər yerindəki soydaşlarımız bundan sonra da Azərbaycan dövlətinin güclənməsi, inkişafı, mədəniyyətimizin, həqiqətlərimizin təbliği, erməni yalanlarının qarşısının alınması üçün səylərini artırmalı, gücləndirməlidirlər.
Mən Azərbaycan gəncliyinə səslənmək istəyirəm. Azərbaycan dövlətini istəyənlər var, dostlarımız var, amma düşmənlərimiz, dövlətimizi, onun inkişafını, müstəqilliyini istəməyən güclər də çoxdur. Onlar hər zaman bizim aramıza müxtəlif təfriqələr salaraq Azərbaycanı inkişafdan geri salmaq istəyirlər. Bizim gənclərimiz diqqətli olmalı, keçmişimizi, tariximizi yaxşı öyrənməli, bu günümüzə və gələcəyimizə sahib çıxaraq ölkəmizin inkişafı üçün çalışmalı, əllərindən gələni eləməlidirlər ki, birlik və bərabərliklə biz ölkəmizi daha da inkişaf elətdirək.
Bizim çox böyük inkişafımız və uğurlarımızla yanaşı, çox böyük bir problemimiz də var. Ona görə müstəqilliyimizin 20 illik yubileyində, bu gözəl bayramımızda hamımızın içində bir kədər hissi də yaşayır. Biz bu gün müstəqilliyimizin 20 illiyini işğal altında olan torpaqlarımızda, Qarabağımızda qeyd edə bilmirik. Mənim ən böyük arzum ondan ibarətdir ki, – əlbəttə, bu hamımızın, bütün azərbaycanlıların ən böyük arzusudur, – biz müstəqilliyimizin bərpasının 21-ci ildönümünü və ondan sonrakı bütün ildönümlərini işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, işğaldan azad edəcəyimiz bütün o gözəl bölgələrimizdə qeyd edək. Mən inanıram ki, o gün uzaqda deyil.
Mən sözümün sonunda cənab Prezidenti xüsusi təbrik edirəm. Azərbaycanın inkişafında çox böyük işlər görüb və bu bayramda ona xüsusi təbrik düşür. Cənab Prezidentlə yanaşı mən bu gün aramızda olan ölkəmizin birinci xanımı, həmkarımız Mehriban xanımı təbrik edirəm. O da cənab Prezidentlə çiyin-çiyinə neçə illərdir ölkəmizin inkişafı, qalxınması, Azərbaycan qadınının adını yüksəklərə qaldırmaq uğrunda çox ciddi işlər görür. Mən hər kəsi təbrik edir və ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, əziz mətbuat nümayəndələri! Mən hər şeydən əvvəl Oqtay müəllimin giriş sözünü qeyd etmək istəyirəm. Bu giriş sözündə tarixə qısa ekskurs edildi, keçmişimizə balanslı və sanballı bir münasibət bildirildi.
Mən Ziyafət müəllimə xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. Mən hesab edirəm ki, bu parlament tribunasından çox məruzələr səslənib, tariximiz, keçmişimiz, bu günümüz və gələcəyə yönəlmiş arzularımız barədə bu məruzənin xüsusi yeri vardır. Mən, Ziyafət müəllim, Sizə öz adımdan təşəkkür edirəm. Bu məruzədə tarixə ədalətli bir baxış, yaxın keçmişimizə realist, bu günümüzə və gələcəyimizə isə praqmatik bir yanaşma öz əksini tapmış, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və qorunması yolunda fəaliyyət göstərən, yeri gələndə bu yolda canını qurban verməkdən belə çəkinməyən insanlara çox ədalətli bir münasibət sərgilənmişdir. Bu, bütövlükdə Azərbaycan parlamentinin tarixi keçmişimizə, bu günümüzə və gələcəyimizə bir baxışıdır. Bunu dəyərləndirmək lazımdır. Burada edilən çıxışlar da məhz bu rakursdan edilməlidir. Bu məsələlərə bu prizmadan yanaşılmalıdır. Bu bizim mövqeyimizdir. Bu ortada olandan sonra kimisə nədəsə ittiham etməyə, hesab edirəm ki, yer qalmır.
Bəli, bu gün arzuların, müsbət emosiyaların ifadə olunduğu gündür. Mən 20 il bundan əvvəlki bu günü yada salıram. İndi burada həmin gün bu zalda olanlar da, onu kənardan müşahidə edənlər də var. Hər kəs görürdü ki, həmin gün ona gələn yol nə qədər ziddiyyətli, nə qədər keşməkeşli, nə qədər ağır idi. Bəli, hər kəsin ürəyində arzular var idi. Hər kəs istəyirdi ki, düşdüyümüz bu durumdan az zərər ilə çıxaq. Hamı istəyirdi, elə bir dövlətə sahib olaq ki, o hər bir vətəndaşının təhlükəsizliyini, inkişafını və bu dövlətə xidmətini təşkil edə bilsin. Hər kəs istəyirdi, elə bir dövlətə, elə bir gücə sahib olaq ki, torpaqlarımıza edilən təcavüzə qarşı dayana bilək, bizə qarşı yönəlmiş bütün təhlükələrin qarşısını alaq. Amma hər kəs bu arzuların reallaşmasında istədiyi qədər iştirak edə bildimi?
Biz bu gün SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 nəfərdən danışırıq. Onların xidmətini danmaq olmaz. Mən onların hər birinə hörmətlə yanaşıram. Qəbul edilən o qərarın çox böyük hüquqi nəticəsini biz bu gün görməkdəyik. Amma mən ondan bir il əvvəli, 1990-cı ilin noyabr ayını yada salmaq istəyirəm. 1990-cı ilin noyabr ayında Heydər Əliyev Naxçıvanda Ali Məclisə rəhbərlik edirdi. Bu gün başımız üzərinə qaldırdığımız bu üçrəngli bayraq məhz həmin şəxsin fədakarlığı, qətiyyəti nəticəsində ilk dəfə Naxçıvanda qaldırıldı. Ədalətdən danışırıqsa, gərək tam ədalətli olaq. Məhz həmin gün atılan addımların nəticəsi olaraq müəyyən müddətdən sonra Heydər Əliyev də daxil olmaqla o 43 nəfər Azərbaycanın Müstəqillik Aktına səs verdilər.
Müstəqillik Aktının müzakirə olunması, qəbulu prosesinə burada Elmira Qafarova rəhbərlik edirdi. Həmin qanunun altından Ayaz Mütəllibov imza atıb. Amma bu gün hansı şəraitdədir? Allah Elmira Qafarovanın o dünyasını versin, rəhmət eləsin. Müstəqillik Aktına imza atan Ayaz Mütəllibov qısa bir müddət ərzində hansı addımlar atmağa vadar oldu? Onu buna vadar edən səbəblər nə idi?
Dünən cənab Prezident çıxışında çox gözəl bir ifadə işlətdi. Dedi, hər şey özümüzdən asılıdır. Hər şey bu xalqdan asılıdır. 1991-ci ildə də, 1993-cü ildə də bizdən asılı idi, bu gün də bizdən asılıdır. Bu xalq qısa bir müddətdə görün nə qədər dəyişdi. Bu kürsüdə bir-birinə aman verməyən, güzəşt etməyən insanlar onda düşünmürdülər ki, Azərbaycan xalqının müqəddəs arzuları var? Bu müqəddəs arzular Azərbaycan dövləti və onun müstəqilliyi ilə bağlı idi. Amma heç kəs bir mövqeyi digərinə güzəştə getmək istəmirdi və bunun üçün hər şeydən keçməyə hazır idi.
Biz bu gün vətəndaş sülhündən danışırıq. Vətəndaş müharibəsinə sürükləndi Azərbaycan cəmiyyəti. İnsanlar bir-birinə qarşı silah qaldırdılar, elan etdikləri dövlət müstəqilliyinin itirilməsinə yönəlmiş fəaliyyətlə məşğul oldular, xəyanət yolunu tutdular. Əgər biz bütün cinayətləri bağışlayacaq bir dövlət olacağıqsa, onda qanunları niyə qəbul edirik? Onda niyə günahlara görə cəzaları müəyyən edirik? Doğrudur, Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə humanist mövqe tutdu, onların heç birini həbs etdirmədi. Həmin insanlar bu gün Azərbaycandadırlar. Bəziləri Azərbaycanda xəyanətkar fəaliyyətlərini əvvəlki kimi davam etdirə bilmədiklərini görəndə ölkəni tərk edib getdilər. İndi nə deyirsiniz, biz o insanların günahlarını bağışlayaq və deyək ki, bağışlayın, sizdən üzr istəyirik? Hesab edirəm ki, onlar Azərbaycan xalqından üzr istəməlidirlər. Onlar qısa bir müddətdə Azərbaycan xalqına o qədər ziyan vurdular ki, biz bu gün də onun ağrısını çəkməkdəyik, hələ də onun fəsadlarını aradan qaldıra bilməmişik.
Bu gün bəlağətli çıxış etmək, gözəl arzular səsləndirmək, başqasından fərqlənmək, orijinal fikir söyləmək olar. Amma ədalətli olmaq lazımdır. Hər şeyə açıq gözlə baxın. Biz siyasətçiyik, biz... Üzr istəyirəm, – mən öz payıma deyirəm, – mən evdar qadın deyiləm ki, hər kəsin övladına öz övladım kimi baxam və ona görə hər şeyə belə bir yumşaq münasibət sərgiləyəm. Mən siyasətçiyəm. Bu gün siyasi komandada təmsil olunuram. Mənim məsuliyyətim var. Məsuliyyət dərk edərək mövqeyimi ifadə etməliyəm.
Mən 20 il bundan əvvəlki günü nahaq yerə yada salmadım. 20 il bundan əvvəl bu zalda həmin o 43 nəfər də daxil olmaqla Heydər Əliyevə qarşı hansı münasibətlər sərgilənmişdi? Yaxşı ki, onların içində çoxları məhz Heydər Əliyevin Azərbaycan dövlətinin yaradılması və müstəqilliyinin təmin olunmasında yeganə xidməti olan şəxs olduğunu getdikcə qəbul edir və bunu fikirlərində səsləndirirlər. Amma bunu qəbul etməyənlər də var. Bu gün mətbuat səhifələrində bu müstəqilliyin onların xidməti olduğunu belə utanmadan, çəkinmədən söyləyənlər var. Onlar hətta haqlarının məhdudlaşdırıldığını, bu dövlətə, bu hakimiyyətə sahib olacaqları günü gözlədiklərini deyirlər.
Dünən cənab Prezident söylədi ki, biz müstəqilliyimizi elan edərkən qarşımızda duran əsas vəzifə seçim idi, ölkəmizi hansı yolla inkişaf etdirəcəyimizi müəyyənləşdirmək idi. Bu seçimi düzgün etməkdən çox şey asılı idi. O vaxt Azərbaycan hakimiyyətinə rəhbərlik edən şəxslər o seçimi etmək qabiliyyətinə malik deyildilər. Bunu onların yerinə Azərbaycan xalqı elədi. Heydər Əliyevi hakimiyyətə dəvət etməklə, ona bütün məqamlarda dayaq, dəstək durmaqla və bu yolda sona qədər onunla bir olmaqla.
Bu gün Azərbaycanın inkişafının yeganə bir yolu var – Heydər Əliyev yolu. Bu yol İlham Əliyev tərəfindən çox böyük uğurla, zamana, məkana və ölkənin maraqlarına hesablanmış bir şəkildə, yaradıcı və çevik, dayanıqlı bir şəkildə həyata keçirilir. Biz hamımız bu prosesin iştirakçısıyıq. Mən bu prosesin içərisində olmağımla qürur duyur, fəxr edirəm. Bununla hər kəs fəxr etməlidir. Azərbaycanın bugünkü uğurları, nailiyyətləri hər bir vətəndaşımıza qürur duydurmalı, hər kəs dövlətinə güvənməli, onunla öyünməli, onun uğurlarına sevinməlidir. Bu gün uğurlarımıza sevinməyənlərin sabah bu xalqa nə verəcəyini düşünmək bilirsinizmi nə qədər ağırdır? Azacıq da olsa, uğuru qəbul etməyənlər Azərbaycana necə uğur qazandıra bilərlər? Ona görə də düşünməyək ki, 20 il ərzində biz dövlətimizi qurduq, möhkəmləndirdik, daha bizim üçün təhlükə yoxdur. Bizim üçün hər yerdən və ən əsası bu günə qədər nəyin bahasına olursa-olsun öz maraqlarını reallaşdıra bilməyən öz vətəndaşlarımızdan təhlükə var. İmkan vermək olmaz ki, onlar gələcəkdə hakimiyyətə gəlsinlər. Buna xalq imkan verməyəcək, buna biz imkan verməyəcəyik. Çünki biz Heydər Əliyev yolu ilə gedən İlham Əliyevin arxasındayıq. Ona dayağıq, ona hər zaman dəstək verəcəyik.
Mən İlham Əliyevin dünənki çıxışından bir sitat gətirmək istəyirəm. O söylədi ki, bu gün yeridilən siyasətə balanslaşdırılmış, tarazlaşdırılmış siyasət deyirlər, amma bu, müstəqil siyasətdir. Bəli, bu gün Azərbaycan Prezidenti müstəqil siyasət yeridir. Azərbaycan dövləti öz taleyinin sahibidir. O öz qonşuları ilə, yaxın və uzaq əlaqəsi olan ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərində müstəqil siyasət yeridir. Müstəqil dövlət olduğumuz üçün də müstəqil siyasətimiz vardır.
Mən Azərbaycan xalqını və başda ölkə rəhbəri olmaqla Azərbaycan dövlətini bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dünya durduqca Azərbaycan dövləti var olsun, Tanrı millətimizi, xalqımızı qorusun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Bəlkə də mənim söyləyəcəklərim bu gün burada səslənən əksər fikirlərin təkrarı olacaq. Amma mən düşünürəm ki, bu təbiidir. Çünki əgər söhbət bir ölkənin – Azərbaycanın tarixindən, müstəqilliyindən və gələcəyindən gedirsə, burada başqa bir fikir, başqa bir mövqe ola bilməz.
Azərbaycan adlı dövlət özünün mövcudluğu tarixində ilk dəfədir ki, 20 ildən bəri müstəqilliyini qoruyub saxlayır. Məruzədə də söyləndi, Azərbaycan tarix boyu bir çox dəfə öz dövlətini qurub, müstəqil olub, lakin heç zaman bu dövlətini və müstəqilliyini qoruya bilməyib. Ötən əsrin əvvəllərində qurulan Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 23 ay sürdü. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı heç vaxt müstəqil olmaq arzusunu itirməyib, buna hər bir zaman can atıb və tarixi şərait yaranarkən bu imkandan istifadə edib.
Müstəqilliyin ilk illəri haqqında, təbii ki, çox danışılıb. Biz hər birimiz bu tarixin canlı şahidiyik. O qanlı, keşməkeşli dövrdə Azərbaycan xalqının ard-arda qarşılaşdığı problemlər, dövlətimizin dünya xəritəsindən silinmək təhlükəsi, xəzinənin tamamilə boşaldılması, vətəndaşların öz vətənlərində rahat yaşaya bilməməsi – bütün bunlar yaşadığımız yaxın tarixdir. Azərbaycan xalqı bütün bu keşməkeşlərdən, fəlakətlərdən üz ağlığı ilə çıxa bildi və qalib gəldi. Çünki Azərbaycan xalqı o günlərdə müdriklik nümayiş etdirib hakimiyyətə Heydər Əliyevi dəvət etdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan yox olmaqdan var olmağa doğru getdi. Heydər Əliyev yoxdan var yaratdı və Azərbaycanı dünya ölkələri sırasına çıxara bildi. O zamanlar onun ard-arda dəfələrlə etdiyi xarici səfərlər bəzilərinə çox qəribə gəlirdi. Nəyə görə ölkənin içərisində hələ bu qədər problem var ikən Heydər Əliyev siyasi kursunu, siyasi gedişini xaricdən başlayır? Lakin belə düşünənlər unudurdular ki, ulu öndər həyatı boyu hər zaman atdığı hər addımda haqlı olub və yalnız öz dövrünü deyil, illərdən sonranı qabaqlaya bilərək gələcəyi ancaq fenomen insanlara məxsus olan bir dəqiqliklə görüb.
“Mən ona özüm qədər inanıram, inanıram ki, mənim yarımçıq qalan işlərimi o davam etdirəcək”. Heydər Əliyev bu sözləri deyərkən də bizə doğru yol göstərdiyinə şahid olduq. Əgər Azərbaycan bu gün regionda lider ölkə olaraq artıq bütün dünyada nüfuz sahibinə çevrilirsə, ölkədə gedən nəhəng quruculuq işləri, sadəcə, özümüzü deyil, gələn hər bir qonağı yaxşı mənada təəccübləndirirsə, insanlarımız hər keçən gün daha firavan həyata qovuşurlarsa, bütün bunlar xalqın ulu öndərinin göstərdiyi düzgün yolla ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə irəliləməsi sayəsində baş tutur.
Ulu öndər deyirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu gün biz hər birimiz azərbaycanlı olmağımızla fəxr edirik. 20 il bundan əvvəl bölgədə böyük bir türk varlığı yenidən ortaya çıxdı və 20 ildən artıqdır ki, müstəqilliyini qoruyub saxlayır. Çünki biz düzgün bir yolda irəliləyirik. Bunun üçün birinci növbədə millətin atası olan ulu öndərə, onun ideyalarına və əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevə, onun ölkəsi və xalqı üçün gördüyü ölçüyəgəlməz işlərə borcluyuq.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən də başda Prezidentimiz olmaqla bütün xalqımızı bu bayram münasibətilə təbrik edir, hamınıza müvəffəqiyyətlər arzulayıram.
Təbii ki, 20 illik bir yol keçmiş, inkişaf etmiş, güclü, qüdrətli, varlı bir dövlətdə oturub onun 20 illik tarixinə qiymət vermək asan məsələdir. Bu gün biz bu dövlətin necə və hansı şəraitdə qurulduğunu, öz inkişafında hansı mərhələlərdən keçdiyini bir daha yada salırıq. Bu belə də olmalıdır. Tarix hər dəfə yada salınmalıdır ki, keçmişdə buraxılmış nöqsanlara bir daha yol verilməsin. Bax, bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə nəzər salsaq, görərik ki, postsovet məkanında ən ağır, ən çətin vəziyyətdə müstəqilliyini əldə edən ölkə Azərbaycan Respublikası olmuşdur. Lakin bu gün təkcə postsovet məkanında deyil, bütün Şərqi Avropada ən inkişaf etmiş ölkə Azərbaycandır. Nəyin sayəsində? Məhz ümummilli liderimizin hakimiyyətə qayıdışı sayəsində.
1991-ci ildə ümummilli liderimiz bax bu salonda çıxış elədi, tam şəkildə əsaslandırdı ki, Azərbaycan müstəqil ola bilər və müstəqil yaşaya bilər. Lakin o çıxış bu zalda nə cür qarşılandı? Kimisi “reqlament” deyə bağırdı, kimisi ayaqlarını yerə döyüb onun səsini batırmaq istədi, kimisi də iqtisadi cəhətdən Azərbaycanın müstəqil ola bilməyəcəyini ümummilli liderə əsaslandırmağa çalışdı. Halbuki bu dövləti uzun illər idarə etmiş Heydər Əliyev onun iqtisadi imkanlarını hamıdan yaxşı bilirdi.
Bu gün hərdən deyirik, istiqlalçı deputatlar və sair. Onların içində Azərbaycanın müstəqil yaşamaq iqtidarında olduğunu birinci məhz Heydər Əliyevin bu zaldan səsləndirdiyini və hansı hallarla qarşılaşdığını biz hamımız yaxşı xatırlayırıq. Əgər bu cür dövlət qurulmasaydı, kim bilir, o istiqlalçı deputatlar indi harada və Azərbaycan hansı vəziyyətdə idi. Yəqin ki, Azərbaycan parçalanmış, dağılmış bir vəziyyətdə olacaqdı.
Hərdən Heydər Əliyevi Atatürklə, Şarl de Qolla, digər tarixi şəxsiyyətlərlə müqayisə edirlər. Atatürk hakimiyyətə gələndə 100 generalı var idi, böyük Osmanlı imperiyasından qalmış var-dövlət var idi, ordu var idi. Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan tar-mar olunmuş, xəzinəsi boşaldılmış, ərazisində vətəndaş müharibəsi başlamışdı. Ordu yox idi. Bir tərəfdən də separatçı rejimlər işə düşüb Azərbaycanı dağıtmaqda idi. Heydər Əliyev olmasaydı, Azərbaycanın da ərazisində bəlkə bu gün Yuqoslaviyada olduğu kimi bir neçə dövlət yaranacaqdı. Bu 20 illik müstəqilliyə biz məhz Heydər Əliyevin səyi nəticəsində nail olmuşuq. Azərbaycanın bugünkü inkişafı, uğurları da onun adı ilə bağlıdır.
Bu gün Azərbaycanda çox böyük vətəndaş sülhü, vətəndaş həmrəyliyi var. Lakin bu gün Azərbaycanda bu vətəndaş həmrəyliyini pozmaq istəyən insanlar da var. O insanlar vətəndaşlardan, cəmiyyətdən özünü kənara çəkib bu işlərlə məşğuldurlar. Görün ümummilli liderimiz tərəfindən, Azərbaycan iqtidarı tərəfindən, Prezident İlham Əliyev tərəfindən indiyədək neçə-neçə amnistiya aktı və əfv fərmanı verilib. Hansı dövlətdə bu qədər amnistiya, bu qədər əfv fərmanı olar. Saysaq görərik ki, bu amnistiya aktları, əfv fərmanları bu və ya digər şəkildə 20-30 mindən artıq insana şamil olunub. Vətəninə normal bir insan kimi qayıtması üçün onlardan hər birinə diqqətlə yanaşılıbdır. Yəni bunun özü də vətəndaşlara diqqət, insanlara diqqətdir.
Azərbaycanda çox geniş quruculuq və abadlıq işləri aparılır. Ölkəmizdə son dövrlər elə 2000-dən artıq məktəb tikilibdir. Əhalinin istifadəsinə verilmiş yeni xəstəxanaların da sayı az deyildir. Heydər Əliyev Fondu tərəfindən görün nə qədər uşaq bağçaları, məktəblər və sair inşa olunubdur. Bəzən deyirlər ki, bu obyektlər Avropa standartlarına, dünya standartlarına uyğundur. Xeyr, dünyada artıq belə standart yoxdur. Bu gün dünya Azərbaycan standartına uyğunlaşmalı, Azərbaycanda tikilən, qurulan parklara, yollara, binalara, məktəblərə baxıb ondan öyrənməlidir. Bu, məhz müstəqilliyimizin nəticəsidir.
Mən bu müstəqillik günü münasibəti ilə bir daha xalqımızı təbrik edir, insanlara can sağlığı, uğurlar arzulayıram. Ümummilli liderimiz demişdir: “Nə qədər müstəqil Azərbaycan yaşayır, mən yaşayıram”. Mən əminəm ki, o əbədi yaşayacaqdır. Çünki müstəqilliyimiz əbədidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Xalqımızın XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət, əlbəttə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasıdır. Ona görə təbiidir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi təkcə Bakıda yox, bütün bölgələrdə çox yüksək səviyyədə qeyd olunur. Mən həmkarlarımın o fikri ilə tamamilə şərikəm ki, biz gərək baş vermiş proseslərə həm də düzgün tarixi qiymət verək. Bu, uzaq keçmiş deyil ki, onunla yalnız tarixçilər məşğul olsun. Bu çox yaxın keçmişdir. Bunu hamımız yaşamışıq, bilirik və ona görə qiymət veririk. Biz bu illərə həm də ona görə qiymət verməliyik ki, gələcək nəsillər əgər belə bir şəraitə düşmüş olsalar, onu düzgün qiymətləndirə bilsinlər, cəsarətli olsunlar və həmişə Azərbaycan dövlətinin müstəqilliyini qoruya bilsinlər. Bu baxımdan mən o fikrə tamamilə şərikəm ki, biz proseslərə həm də siyasi qiymət verməliyik.
Sözsüz ki, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi, davamçısıdır. Xalq Cümhuriyyətini yaradan insanlar o zamankı tarixi şəraitdən çox ağılla istifadə etmiş, xalqımız bundan bəhrələnə bilmişdir. Müstəqil Azərbaycan dövləti cəmi 23 ay yaşadığına baxmayaraq, tariximizdə dərin iz qoymuş, sonrakı nəsillərin təfəkkür və düşüncəsində özünə yer tapmışdır. Sovet hakimiyyətinin 70 ili ərzində tariximiz çox saxtalaşdırılsa da, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması üçün yeni tarixi şərait yarananda xalqımız bundan istifadə etdi.
Dövlət müstəqilliyinə gedən yolun əsası hələ 1970–1980-ci illərdə qoyulmuşdu. O zaman Heydər Əliyev respublikamıza rəhbərlik edərkən yazılan əsərlərin, çəkilən filmlərin əksəriyyətində, – bu gün onlar çox təhlil edilir, – Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqının azadlığı ilə bağlı ideyalar var idi. Yalnız Azərbaycanda sərbəst düşünən insanlar, yazıçılar, şairlər təqib olunmurdular. Çünki onları Heydər Əliyev kimi qoruyan bir şəxsiyyət var idi.
Amma təəssüf ki, 1991-ci ildə SSRİ dağılarkən yenidən belə bir tarixi şərait yarananda siyasi rəhbərlikdə olan insanlar bu şansdan istifadə edə bilmədilər. Halbuki 1991-ci ildə SSRİ dağılarkən müstəqilliyi əldə etmək 1918-ci ildəkindən qat-qat asan idi. Çünki sovet imperiyası dağılmış, Rusiya özü də müstəqillik yolunu seçmişdi. Bizim başımız üzərində Moskva, Kreml artıq yox idi. Belə bir şəraitdə müstəqilliyi əldə etmək çox asan idi. Təəssüf ki, o dövrdə bu proses həddindən artıq uzadıldı və Azərbaycan Respublikası müstəqilliyini ən sonda elan etmiş ölkələrdən biri oldu.
1990-cı ilin yanvar hadisəsi, sonra, 1992-ci ildə, 1993-cü ildə hakimiyyət özbaşınalığı... Bizim itkilərimiz çox oldu. Müstəqillik əldə etmiş heç bir respublikanın Azərbaycan qədər itkisi olmadı. İndi bu itkilərə səbəb olmuş insanların bağışlanması üçün cəhdlər edilir. O insanları bağışlamaq olarmı? Əlbəttə, hüquqi baxımdan olar, onların çoxları bağışlanıbdır. Amma mənəvi baxımdan Azərbaycan xalqı o dövrdə öz məsuliyyətini dərk etməmiş, xəyanət etmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün çalışmamış insanları bağışlaya bilməz. Xalq onları heç zaman bağışlamayacaq. Əgər biz onları bağışlamış olsaq, 20 yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş insanların ruhunu təhqir etmiş olarıq.
Siyavuş müəllim haqlı dedi, müxalifət nümayəndələri vətəndaş həmrəyliyi, vətəndaş birliyi sözlərindən sui-istifadə edirlər. Mən üzümü onlara tutub deyirəm, biz vətəndaş həmrəyliyi üçün hər cür şərait yaratmışıq. İndi söz sizindir. Siz, sadəcə olaraq, cəsarət və səmimiyyət göstərib öz günahlarınızı və bəzən də xəyanətlərinizi etiraf etməlisiniz. Bundan keçir vətəndaş həmrəyliyinin yolu. Bizim yolumuza isə cənab Prezident qiymətini verib. Təkcə son 10 ildə Azərbaycanın əldə etdiyi uğur 100 illik bir tarixi inkişaf yoludur. Budur bizim qələbəmiz. Mən bir daha xalqımızı və həmkarlarımızı bu müstəqillik günündə təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. İclasımızı davam etdiririk. Gövhər Baxşəliyeva, buyurun.
G.Baxşəliyeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən sizi dövlət müstəqilliyinin 20 illiyi münasibətilə ürəkdən təbrik edir və Azərbaycan naminə gördüyünüz bütün işlərdə sizə uğurlar arzulayıram.
Müstəqillik, azadlıq istənilən xalq üçün böyük nemətdir. Mənim yadıma xalqımızın milli qəhrəmanı Babək Xürrəminin hələ VIII əsrdə xilafət qoşunlarına qarşı 20 il mücadilə verdiyi zaman dediyi sözlər düşür. O deyirdi ki, 40 il kölə kimi yaşamaqdansa, bir il azad yaşamaq daha üstündür.
Xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəli olub. Faciəli olub ona görə ki, zaman-zaman tarixi şəraitin diqtəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur.
Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olmuşdur. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası isə xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması – bütün bu subyektiv amillər xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə – bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması faktı da təsdiq edir.
XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdıqları səhvlər xalqımızı ikinci sınaq qarşısında qoydu. Siyasi didişmələr və siyasi qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxartdı.
Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət – Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha sonra ölkə Prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir.
1993-cü ilin son dərəcə gərgin şəraitində möhtərəm Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. Ümummilli liderimizin Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Həmin proqram xarakterli çıxışa nəzər salsaq...
Sədrlik edən. Xahiş edirəm, unutmayasınız, reqlament 5 dəqiqədir. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün biz müstəqilliyin 20 illiyini qeyd edirik. Müstəqillik çox müqəddəs, dəyərlidir. Bu dəyərli, müqəddəs gün münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Müstəqilliyə gedən yol hamar olmayıb. Müstəqilliyə gedən yolda böyük itkilər olub. Müstəqilliyə gedən yolun müxtəlif prizmalardan baxılanda müxtəlif cür görünməsi də bununla bağlıdır. 20 il tarix üçün o qədər də böyük bir dövr deyil. Həmin dövrə biz mərhələli yanaşma, bir də şəxsiyyətin rolu prizmasından yanaşanda, hesab edirəm ki, daha obyektiv nəticələrə nail ola bilərik.
20 illik dövrün 1991–1995-ci illər mərhələsi itkilər mərhələsi olub. Başqa ölkələrlə müqayisədə ən böyük itkiyə 78 faiz Gürcüstan, 63 faiz Ermənistan, 60 faiz Azərbaycan məruz qalıb. İkinci dövr həmin itkilərin yerini dolduran onillikdir ki, 2005-ci ilə qədər olan dövrü əhatə edir. Həmin dövrdə müstəqilliyimizin möhkəmləndirilməsi, onun qorunub-saxlanılması istiqamətində, həqiqətən, çox böyük işlər görülüb, çox ciddi nəticələr əldə olunub. Azərbaycanın iqtisadi inkişaf tempi keçmiş SSRİ-nin iqtisadi inkişaf tempindən 1,4 dəfə yüksək olmuş və biz 2005-ci ildə bu itkilərin yerini doldura bilmişik. 2006-cı ildən başlanan üçüncü mərhələ artım, inkişaf, yüksəliş dövrü olub. Bu mərhələyə biz artıq müstəqilliyə real məzmun verilməsi mərhələsi kimi də qiymət verə bilərik.
Biz 1990-cı illərlə 2010-cu ili, eyni ildə eyni start vəziyyətində olan başqa ölkələrin göstəriciləri ilə Azərbaycanın göstəricilərini müqayisə eləməklə obyektiv nəticə əldə eləyə bilərik. Bu nöqteyi-nəzərdən çox maraqlı bir araşdırma var. Həmin araşdırmanın nəticələrindən məlum olur ki, əgər biz 1990-cı ildə dünyanın orta göstəricisinin 43 faizi, SSRİ-nin orta göstəricisinin 70 faizi səviyyəsində idiksə, 2010-cu ildə artıq dünyanın orta göstəricisinə çatmış və SSRİ-yə daxil olan 15 ölkənin göstəricindən 15 faiz yuxarı qalxmışıq. Biz birinci mərhələdə 60 faiz enmiş, ikinci mərhələdə ildə 10 faiz, üçüncü mərhələdə ildə 20 faiz artmışıq. Keçmiş SSRİ-yə daxil olan ölkələrin göstəriciləri 20 ilin ərzində 25 faiz artıbsa, Azərbaycanın göstəriciləri həmin dövrdə iki dəfədən çox artıb. Başqa sözlərlə desək, Azərbaycanın iqtisadi artım tempi SSRİ-nin orta göstəricisindən 4 dəfə yüksək olub.
Regional kontekstdə daha bir göstəricini qeyd eləmək istərdim. Əgər 1990-cı ildə Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 45 faizinə yaxın idisə, indi 70 faizi səviyyəsinə çatmışdır.
Üçüncü bir müqayisəni qeyd etmək istərdim. Əgər Azərbaycan əsas göstəricilər – rəqabət qabiliyyəti göstəricisi, insan inkişafı göstəricisi, digər göstəricilər kontekstində 100-cü yerdən yuxarıda idisə, indi rəqabət qabiliyyətində 55-ci, insan inkişafında 67-ci yerə gəlib çatıb. Bu o deməkdir ki, Azərbaycan sözün həqiqi mənasında qısa müddət ərzində böyük yol keçmiş, həmin yolda çox ağır imtahanlardan keçərək indiki səviyyəyə gəlib çatmışdır.
Müstəqillik verilmir, müstəqillik mübarizə ilə alınır. Həmin mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyir, fikirdə, sözdə, işdə müstəqilliyə xidmət eləyənlərə bu yolda uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Bu bayram günü mən də Sizi və bütün deputat həmkarlarımı, jurnalistləri, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu möhtəşəm bayram günündə biz Azərbaycan milli azadlıq hərəkatında xidməti olmuş şəxslərə öz dərin ehtiramımızı bildirməliyik, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi xatırlamalıyıq.
Bu gün burada mərhum Prezidentimiz Heydər Əliyev haqqında çox xoş sözlər deyildi, onun Azərbaycan xalqı, dövləti qarşısında xidmətlərindən danışıldı. Mən bunların hamısına qoşuluram. Amma niyə Yeni Azərbaycan Partiyasının üzvləri Heydər Əliyevin SSRİ-nin dağılmasında oynadığı rol barədə danışmadılar? Hamı dedi ki, SSRİ dağıldı və biz müstəqillik əldə etdik. SSRİ-ni dağıdan Azərbaycandakı, Ukraynadakı, Pribaltika respublikalarındakı milli azadlıq hərəkatı idi. SSRİ-ni dağıdan o vaxtkı Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, mərhum Prezidentimiz Heydər Əliyev idi.
1990-cı ildə Azərbaycan xalqına qarşı böyük bir qətliam törədiləndə Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. O dövr üçün qeyri-adi bir hal idi ki, Siyasi Büronun üzvü olmuş şəxs mətbuat konfransı keçirir və xalq hərəkatını deyil, Sovet İttifaqının rəhbərliyini ittiham edərək deyir ki, Sovet İttifaqının rəhbərliyi bir xalqa qarşı cinayət törədib. Ondan sonra daxildə o proseslər daha böyük vüsət almağa başladı, SSRİ-nin dağılması prosesi daha da sürətləndi. Heydər Əliyev Sov.İKP MK-nın üzvlüyündən çıxması barədə ərizə verəndən sonra artıq Kommunist Partiyasının perspektivinə heç bir inam qalmadı. Bu hər yerdə Kommunist Partiyasının iflası üçün böyük bir təkan vermiş oldu. Ona görə də hesab edirəm ki, Heydər Əliyevin o vaxtkı böyük xidmətlərinin üzərindən siyasi konyunktura naminə sükutla keçmək düzgün deyil.
Heydər Əliyevin Naxçıvanda gördüyü işlər... Mən bilirəm ki, Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını Naxçıvana gətirdi, Naxçıvan Ali Məclisində o qərar qəbul olundu. Amma məhz Naxçıvanda olan xalq hərəkatı üzvlərinin dəstəyi ilə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi. Həmin mitinqə keçmiş müsavatçı Sülhəddin Əkbər rəhbərlik edirdi və o bayrağı ora gətirən də mənim indiki müavinim Telman Siyabov idi. O vaxt o, demblokun və Naxçıvan Ali Məclisinin üzvü idi. Heydər Əliyev hər zaman öz məsləhətləri və fəaliyyəti ilə xalq hərəkatına böyük təkan verib.
Heydər Əliyevin vaxtilə Azərbaycan Ali Sovetinə ünvanladığı bir təbrik məktubu o zaman da siyasi konyunkturaya görə oxunmamışdı. Hesab edirəm, mən o məktubu göndərildiyi tarixdən 20 il sonra burada oxusam, çox böyük, ədalətli bir iş görmüş olaram. Oxuyuram: “Bakı, Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına. Naxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu böyük tarixi hadisə kimi qəbul edir.
Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını bütün Azərbaycanın demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir.
1991-ci il martın 17-də Sovet Sosialist Respublikaları İttifaqının saxlanması haqqında keçirilmiş referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublikanın demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizə ilə əlaqədardır.
Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər. Heydər Əliyev. 19 oktyabr 1991-ci il.”
Mən hesab edirəm ki, bu məktub həm bugünkü müzakirələrə, həm 18 oktyabr hadisəsinə, həm də Azərbaycanda milli azadlıq hərəkatına verilən ən düzgün qiymətdir. O bir daha göstərir ki, Azərbaycanda böyük milli azadlıq hərəkatı olub və 18 oktyabr Heydər Əliyev də daxil olmaqla o dövrdəki demokratik qüvvələrin tarixi qələbəsidir.
Yenə deyirəm, SSRİ-ni dağıdan milli azadlıq hərəkatları olub. Azərbaycanda milli azadlıq hərəkatı olmasaydı, biz bu gün Türkmənistan idik, Özbəkistan...
Sədrlik edən. Hörmətli Qüdrət müəllim, bayraq məsələsini yada saldınız. O vaxt demokratik hərəkatın mərkəzi Bakıda idi və o bayraq Bakıda ortaya çıxmamışdı. Bu bayrağın Naxçıvanda ortaya çıxması Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin iradəsi idi, bayrağı gətirənin yox. O iradənin yiyəsi idi ki, o bayrağı dövlət bayrağı elan etdi. Etibar Hüseynov.
E.Hüseynov. Hörmətli Sədr, hörmətli deputatlar! Hesab edirəm ki, belə bir əziz və şərəfli gündə Azərbaycanın müstəqilliyindən danışarkən 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini yaradanların, bu yolda şəhid olmuş yüzlərlə insanın da xatirəsini hörmətlə, ehtiramla yad etmək yerinə düşərdi.
Bildiyimiz kimi, müstəqil dövlətin əsas atributlarından biri də onun himnidir və bugünkü Dövlət himnimizin də müəllifi Üzeyir bəy Hacıbəylidir. Deməli, Üzeyir bəyin də bugünkü müstəqillikdə özünəməxsus yeri var, o da ən yüksək hörmətə və diqqətə layiq şəxsiyyətdir. Üzeyir bəyin bu xidməti xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək dəyərini tapıb və qiymətləndirilib.
Hörmətli həmkarlar, hamımız üçün əziz olan bu gündə bir təkliflə çıxış etmək, lakin bu təklifi səsləndirməmişdən əvvəl zəruri bir haşiyə çıxmaq istərdim. Bildiyiniz kimi, sovetlər birliyi dağıldıqdan sonra Rusiya dövləti Qlinkanın “Vətənpərvərlər marşı”nı özünə dövlət himni qəbul elədi. Ancaq bir qədər sonra, 2000-ci ildə Prezident Putin ictimaiyyətin və ziyalıların çoxsaylı müraciətlərini nəzərə alıb Aleksandrovun və Mixalkovun müəllifi olduğu keçmiş SSRİ himninin Rusiya dövlətinin himni kimi qəbul edilməsi barədə fərman imzaladı. Bu, rus xalqının və Rusiya hakimiyyətinin təkcə böyük bəstəkar və şairə göstərdiyi ehtiram deyil, həm də gözəl əsərə, böyük musiqiyə nümayiş etdirdiyi diqqətin göstəricisi idi. Çünki bir çoxları, hətta ən qatı imperiya əleyhdarları belə etiraf edirdi ki, keçmiş SSRİ-nin himni, həqiqətən, möhtəşəm bir musiqi nümunəsidir. Məhz bu möhtəşəmlik və gözəlliyə görə rus xalqı həmin himni bərpa edib ona ikinci nəfəs verdi.
Hörmətli deputatlar, bildiyiniz kimi, 1944-cü ildən 1991-ci ilə qədər Azərbaycan SSR-in də himni mövcud olmuşdur. Lakin çox təəssüflər olsun ki, musiqisi Üzeyir Hacıbəyliyə, mətni Süleyman Rüstəmə və Səməd Vurğuna aid olan bu möhtəşəm əsər indi unudularaq arxivin bir küncünə atılıb. Mən hesab edirəm ki, dövrün, sistemin dəyişilməsində musiqinin heç bir günahı yoxdur. Bu yaxınlarda mən internet vasitəsilə keçmiş Sovetlər Birliyinə daxil olan bütün respublikaların dövlət himnlərinə bir-bir diqqətlə qulaq asdım. Tam məsuliyyətlə demək olar ki, keçmiş SSRİ-nin himni istisna olmaqla heç bir respublikanın himni möhtəşəmliyinə və gözəlliyinə görə Azərbaycan SSR-in himni ilə müqayisə oluna bilməz.
Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan dahi bəstəkar Üzeyir Hacıbəylinin ruhuna və şəxsiyyətinə ehtiram əlaməti olaraq Azərbaycan SSR-in himni mətnindən imtina edilmək şərtilə Bakı şəhərinin himni və ya marşı kimi qəbul olunsun.
Bunu zəruri edən bir sıra amillər də mövcuddur. Belə ki, hər vaxt paytaxt Bakıda onlarla müxtəlif səpkili beynəlxalq çempionatlar, festivallar, simpoziumlar, tədbirlər keçirilir. Gəlin razılaşaq ki, bu tədbirlərin format və çəkisinə görə açılışlarda heç də həmişə Azərbaycanın Dövlət himninin səsləndirilməsi yerinə düşmür. Çünki Dövlət himnimiz kifayət qədər sanballı və ağır əsərdir, onu hər bir tədbirdə səsləndirmək alınmır. Amma Üzeyir bəyin Azərbaycan SSR üçün yazdığı himn kifayət qədər ritmik və lakonikdir. Onun kifayət qədər dinamikliyi, həmçinin təbillə müşayiət olunması musiqidə qəbul olunmuş marş standartlarına tam uyğun gəldiyinə görə biz bu musiqi parçasını paytaxt marşı kimi də qəbul edə bilərik.
Hörmətli həmkarlar, paytaxtımız üçün marşın qəbul olunmasını zəruri edən amillərdən biri də beynəlxalq təcrübədir. Bu gün yalnız Amerika və Avropada deyil, yaxın qonşumuz Rusiyada da bütün iri şəhərlərin özünəməxsus gerbi, bayrağı, himni və ya marşı vardır. Elə isə günü-gündən gözəlləşən, abadlaşan, dünyanın ən böyük və ən gözəl meqapolislərindən birinə çevrilən Bakımızda niyə bütün bunlar olmasın? Hesab edirəm ki, Azərbaycan SSR-in himnini həyata qaytarıb onu Bakımızın marşı kimi qəbul etsək, nəinki paytaxtımıza və onun bütün sakinlərinə, həm də dahi Üzeyir bəyin əziz xatirəsinə bir hədiyyə bəxş etmiş olarıq.
Hörməti deputatlar, Bakının statusu haqqında qanun layihəsi barədə müxtəlif zamanlarda çox söhbətlər getsə də, onun hazırlanıb Milli Məclisə təqdim olunması hələ də ləngiyir. Mən təklif edərdim ki, Bakının himni və ya marşı, o cümlədən gerbi və bayrağı məsələsi də bu qanun layihəsində öz əksini tapsın. Hesab edirəm ki, bu məsələ ümumrespublika əhəmiyyəti daşımadığına görə biz, sadəcə olaraq, Nazirlər Kabineti və ya Bakı Şəhər İcra Hakimiyyəti qarşısında bu təkliflə çıxış edə bilərik. Onlar da öz növbəsində ölkə Prezidentinə müraciət edə bilərlər.
Sonda, hörmətli Sədr, mən iclasın əvvəlində bizə təqdim olunan çox təsirli, peşəkar şəkildə hazırlanmış filmə görə Sizə və Mətbuat katibi xidmətinin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Çünki bu filmin nümayişi bizim bu bayram ovqatlı iclasımıza daha bir gözəllik, daha bir çalar qatdı. Ona görə bir daha Sizi təbrik edir və hamınıza təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr! Hörmətli millət vəkilləri, mən də Müstəqillik günü münasibətilə bütün xalqımızı, möhtərəm cənab Prezidentimizi, bütün millət vəkillərini və media təmsilçilərini səmimi qəlbdən təbrik edirəm və hər birinizə bundan sonrakı fəaliyyətinizdə, dövlətimizin möhkəmlənməsində və çiçəklənməsində göstərdiyiniz fədakar əməyə görə təşəkkürümü bildirir, uğurlar diləyirəm.
Etiraf etməliyik ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi Azərbaycan xalqının tarixi xidmətidir, nailiyyətidir. Bu tarixi nailiyyət Azərbaycan xalqının böyük tarixi xidmətidir. Bunun müəllifi Azərbaycan xalqıdır. Burada hörmətli Ziyafət Əsgərovun kifayət qədər səviyyəli məruzəsində dediyi, digər millət vəkillərinin söylədikləri ədalətə söykənən fikirləri tamamilə dəstəkləyirəm. Bəzi məqamlara aydınlıq gətirərək konkret fikrimi diqqətinizə çatdırmaq istərdim.
Bəli, Azərbaycan xalqı həmin dövrün obyektiv proseslərinə söykənərək, eyni zamanda, bir xalq kimi müstəqilliyə doğru ciddi addımlar ataraq müstəqilliyə nail oldu. Lakin sonrakı tarixi proseslərdə Azərbaycan xalqı çox ciddi tarixi sınaq qarşısında qaldı və hətta dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Etiraf edilməlidir ki, Azərbaycan xalqının azadlıq uğrundakı mübarizəsinin ilkin toxumları XX əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olarkən səpilmişdir. Həmin dövrün gənci və tələbəsi olan bir insan kimi bu gün məsuliyyətlə etiraf etmək istərdim ki, məhz onun yaratmış olduğu şərait nəticəsində 1970-ci illərdə Azərbaycanda milli şüur, milli özünüdərk sözün həqiqi mənasında geniş miqyas aldı. Ölkədə gələcək üçün hesablanmış və Azərbaycanın müstəqilliyinə xidmət edən bu toxumlar məhz əlverişli şəraitə düşdüyü 1980-ci illərin axırları – 1990-cı illərin əvvəllərində cücərdi və geniş milli azadlıq mübarizəsinə çevrildi.
Mən dəfələrlə demişəm, bu gün də etiraf edirəm. Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin yaradıcısı və memarı deyil, Heydər Əliyev, eyni zamanda, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində başlamış olan milli azadlıq mübarizəsinin memarı, yaradıcısı və ideoloqudur. Bunu tarixi sənədlər, faktlar sübut edir. Ayrı-ayrı tarixi kitablarda, çıxışlarda belə faktlar bu və ya digər şəkildə etiraf olunubdur. Azərbaycanın azadlığı uğrunda mübarizədə iki mühüm cəbhə var idi. Bir Azərbaycanın müstəqilliyini, istiqlalını istəyən insanlar, bir də bu istiqlala qarşı çox kəskin müqavimət göstərən, Kremldən asılı olan şəxslər. Onlar, əlbəttə, bir-birindən ayrılmalıdır. Nəyinsə naminə bu gün onların arasında bərabərlik işarəsinin qoyulmasının özü tarixə xəyanətdir. Mən bu cür yanaşıram.
Bəli, hazırda bu nailiyyətdən hər bir Azərbaycan vətəndaşı istifadə etməlidir, necə ki istifadə edir. Lakin tarixi həqiqətlər olduğu kimi deyilməl və şərh olunmalı, tarixi sənədlərdə öz əksini tapmalıdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, Azərbaycanın dövlət müstəqilliyi yolunda xidmətləri danılmazdır. Bugünkü hüquqi, dünyəvi, demokratik Azərbaycan dövləti, dəfələrlə deyildiyi kimi, Heydər Əliyevin şah əsəridir.
Heydər Əliyev haqqında ən müxtəlif fikirlər söylənilib. Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri adlandırır. Bu gün “milli lider” anlayışı artıq Azərbaycan xalqı tərəfindən birmənalı qəbul edilibdir. Mən düşünürəm ki, Milli Məclis “ümummilli lider” anlayışını rəsmiləşdirməli və beləliklə, buna özünün müsbət münasibətini bildirməlidir. Bayramınız mübarək olsun. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əziz həmkarlar! Mənim aləmimdə bu gün hər bir Azərbaycan insanı üçün ən əlamətdar tarixi gündür. Bu, minillik arzularımızın gerçəkləşdiyi gündür. Mənim aləmimdə tarix ən böyük məhkəmə salonudur. Bu gün biz həmin salondan fərqli burada hədsiz humanizm nümayiş etdirsək də alınmayacaqdır. Əgər tarixin qərarı ayrıdırsa, bu parlamentdə fərqli qərarlar veriləcəkdir. Bu mənada bizdən hədsiz humanizm istəyənlər unutmasınlar ki, biz tarixi unutsaq, o əvvəl faciə, sonra komediya kimi təkrarlanır. Bu mənada biz tarixi olduğu kimi göstərməli, ona qiymətimizi verməliyik.
Dünən mən də sizlər kimi cənab Prezidentin Azərbaycanın keçdiyi 20 illik yola verdiyi qiyməti dinləyirdim. Oradakı bir məqamı xüsusi ayırmaq istəyirəm. 1991-ci il hadisələrini cənab Prezident ürək ağrısı ilə söylədi. Bir siyasi qüvvənin, hakimiyyətin rəhbəri həmin dövrü aşağılayaraq demədi. Nə yazıq ki bu səhvlər olub. “Qarabağ hadisələri baş verməsəydi, bizim müstəqilliyimiz indi hansı durumda olardı?” deyə bir mövqe sərgilədi. Bu, ümummilli bir mövqedir. Bu, bir siyasi qüvvənin fövqündə durmaqdır. Bu, bir hakimiyyət fövqündə durmaq mövqeyidir. Bu, bir Azərbaycan insanının mövqeyidir. Mənim aləmimdə humanizm istəyənlər unutmamalıdırlar ki, biz həm də elə Mütəllibova qarşı mübarizə aparıb azad olmuşuq. Bu gün ədalətli qiymət, humanizm istəyənlər unutmasınlar, onları müstəqilliyin qəhrəmanı edəndə tarix tamamilə baş-ayaq düşəcəkdir. “Bu millət tarixini necə adlandırsın?” deyə belə bir sual qarşısında qalacaqdır. 43-lərə qiymət. Əlbəttə, bu qiymət olmalıdır. Amma pensiya səviyyəsində yox. Onlar pensiya aktına yox, müstəqillik aktına imza ediblər.
Əziz dostlar, ulu öndər bu mübarizənin önündə gedənlərdən biri olub. Belə böyük bir missiyanın sahibi də deyib ki, bunun haqqı millətindir, xalqındır. Bunu belə veririksə, bu gün müstəqilliyi öz adına çıxanlara, hakimiyyət üzərinə ayrı-ayrı cinahdan müstəqillik mövzusunda gələnlərə yazıqlar olsun. Doğrudan-doğruya onlar millətin haqqını sanki mənimsəmiş kimi görünürlər.
Əziz dostlar, heç şübhəsiz, ötən əsrə qayıdarkən bu ideya banilərinə də qiymət verməmiz istənilir və deyirlər ki, 20 ili həmin dövrdən ayırmayın. Əlbəttə, bu belədir. Amma heç şübhəsiz, bu ideya sahibləri, həmin dövləti ilk quranların ideyaları 1991-ci ildə Azərbaycanı xilas etmədilər. İdeya bir şəxsiyyətin timsalında reallaşdırılmırsa, o, sadəcə, cazibədar düşüncədir, məfkurə sistemidir. Əgər etsəydi, Mütəllibovdan fərqli həmin ideyalara yüz könül yaxın olan Elçibəyin timsalında da edərdi. Heç etmədi, Azərbaycanın xilası baş vermədi. Cəbhənin özü belə, dörd yerə bölünməkdən xilas olmadı. Bu mənada biz Heydər Əliyevə qiymət verərkən bir siyasi partiya mövqeyindən çıxış etmirik. Məndən soruşsanız ki, bu dövlətin müstəqilliyi nə boydadır? Deyərəm ki, ona rəhbərlik edənin müstəqilliyi qədərdir. Heydər Əliyevin müstəqilliyinin isə nə qədər böyük olduğunu hər kəs bilir.
XIV Lüdovikin bir fikri var. O deyir ki, mən dövlətin özüyəm. Əslində, avtoritar bir fikir kimi görünür. Amma 1993-cü ildə bizə bu fikri deyən adam lazım idi. Dövlət bərabərdir şəxsiyyət. Buna çox ehtiyacımız vardı, çünki şəxsiyyət güclü olanda, dövlət də güclü olur. Şərq ölkələrində belədir. Bəlkə 2050-ci ilin Azərbaycanı fərqli olacaqdır?
Əziz dostlar, məndən soruşsanız ki, bu müstəqilliyi mən nə ilə simvolizə edirəm, müstəqil xarici siyasət, neft müqavilələri iləmi? Deyərəm: hamısı vacibdir, hamısı önəmlidir. Hamısı bu gün bizim mühüm addımlar atmağımız üçün ən gərəkən vasitələrdir. Ancaq mənim aləmimdə Heydər Əliyev kimi nəhəng insanın uğuru ondan ibarət oldu ki, müstəqilliyi hər bir vətəndaşın həyatının ayrılmaz hissəsinə çevirdi. Yəni bu millət artıq müstəqilliyin 50 il olacağına da əmindir.
Beş hakimiyyət, beş hökumət dəyişib, bu millət dövlət qura bilmək potensialı üzərinə xərc çəkirdi. Tarix səhnəsində dövlət qura bilməyən xalqlar var. Hamı gerçək saysın ki, biz də onlardan biri ola bilərdik. Mən bir fikri xüsusi vurğulamaq istəyirəm. Mənim aləmimdə müstəqil dövlət etalonu kimi Azərbaycanın həyatında Heydər Əliyevin adı formalaşıbdır. Digər xadimlər olsalar da, Heydər Əliyev dövlətin obrazıdır. Çünki bu müstəqilliyin 18 ili Heydər və İlham Əliyevlərin adı ilə bağlıdır. Çünki onlar müstəqilliyi simvolizə edirlər və onlarla bağlı xüsusi bir qanuna ehtiyac var. Avstriya yazıçısı Erix Fayql buraya gəlmişdi və buradan çoxlu arzularla getdi. Bizə dedi ki, yəhudilərdə belə bir deyim var: “Yerusəlimdə görüşənədək”. Mən həmişə bu fikrin millətin həyatının bir hissəsinə çevrilməsini istəyirəm: “Qarabağda...
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən burada deyilən təbriklərə qoşuluram. Dünən Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə əlaqədar keçirilən təntənəli tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev geniş nitq söylədi və öz nitqində müstəqillik illərində qazandığımız uğurları qeyd etməklə qarşıda duran vəzifələri də cəmiyyətin nəzərinə çatdırdı.
Burada təkrara yol vermək istəmirəm. Bircə onu demək istəyirəm ki, bu gün Yer planetində bəzi hesablamalara görə 8 minə qədər xalq var. Amma dünya xəritəsində müstəqil dövlətlərin sayı 205-ə qədərdir. Onların da 193-ü Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu rəqəmləri müqayisə etsək, müstəqilliyin bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini özümüz də görə bilərik. Bu gün dünyada azərbaycanlıların sayı 50 milyona qədərdir. Müstəqilliyini bərpa etdiyimiz Azərbaycanda 9 milyon 100 min adam yaşayır. Ona görə də bizim müstəqil dövlətimiz yalnız bizə aid deyil. Bu, dünyada olan bütün azərbaycanlılara aiddir.
Bir məqamı da qeyd etmək istəyirəm. Dünyada müstəqilliyini elan edən xalqlar çox olub. Amma müstəqilliyini qoruyub saxlamaq iqtidarında olanlar dünya xəritəsində yer tuta biliblər. Müstəqilliyi bəyan etməklə onu qoruyub saxlamaq çox ciddi məsələlərdir. İndi dünyada olan dövlətlərin təsnifatını verəndə onları 3 yerə bölürlər: sənayecə inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr və özünü dövlət elan edib lakin dövlət olaraq təsbit edə bilməyən ölkələr. Belə ölkələrin adlarını sadalaya bilərik. Amma hər kəs dünyada gedən siyasi hadisələri izləyərkən dövlətçiliyi baş tutmayan ölkələri görə bilər.
Bizim dövlətçilik tariximiz çox qədimdir. Hörmətli Ziyafət müəllimin geniş məruzəsində bunlar xronoloji olaraq bir daha diqqətimizə çatdırıldı. Bizim dövlətçilik tariximiz qədimdir və dövlətçilik tariximizin qədimliyi ilə bərabər müstəqilliyimizin itirilməsi də tarixdə dəqiq bəllidir. Biz dövlət müstəqilliyimizi 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra itirmişik. Müstəqillik uğrunda mübarizə də yaddaşlarda bu tarixdən sonra qalıb. 1918–1920-ci illərdə Şərqdə ilk dəfə demokratik respublika idarə üsulu qurulub.
1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlamaq üçün gördüyü cahanşümul işləri sadalamaq böyük vaxt tələb edərdi. Qısaca onu deyə bilərik ki, Heydər Əliyev milli ideya, milli dövlət, milli təhlükəsizlik konsepsiyasını yaratdı və bu ideyaları daşıyıb xalqı öz arxasınca aparmağa qadir olan siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasını bizə bəxş etdi. Öz siyasətini davam etdirməyə qadir olan siyasi lideri – cənab İlham Əliyevi bizə bəxş etdi.
Dövlət müstəqilliyimizin bərpasından sonra gedən proseslərlə, dövrləşmə ilə, ədalətlə bağlı burada haqlı çıxışlar oldu. Ədalətin bərpa olunması üçün bir-birini əvəz edən nəsillər tarixi keçmişdən, tarixi səhvlərdən ibrət dərsi almalıdırlar. Biz tarixi ədalətdən danışarkən Azərbaycan müstəqil dövlətinin banisi və qurucusu titulunun ümummilli liderimiz Heydər Əliyevə aid olduğunu, Heydər Əliyev irsinin toxunulmazlığını, Heydər Əliyevin müəyyən etdiyi milli ideyanın Azərbaycan üçün əbədi xarakter daşıdığını təsbit edən qanun qəbul etməliyik. Bu qanun da belə adlandırılmalıdır: “Ümummilli lider Heydər Əliyevin irsi haqqında Qanun”. Bu qanun Heydər Əliyevin müəyyən etdiyi milli ideyanın, milli dövlət quruluşunun və qarşımızda duran vəzifələrlə əlaqədar onun müəyyən etdiyi siyasi xəttin hər hansı bir formada kimin isə gələcəkdə təftiş etməsinə imkan verməməlidir. Biz belə bir qanun qəbul etməklə, Heydər Əliyevin irsinə hörmət göstərməklə, eyni zamanda, tarixi ədalətdə də rolumuzu oynamış olarıq.
Hörmətli Ziyafət müəllim, çıxışlarda bəzi təkrarlar olur. Mən məndən sonra yazılanlara hörmətlə yanaşaraq demək istəyirəm ki, əgər mümkünsə, bir neçə çıxışdan sonra iclası yekunlaşdıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Həmkarlarımın təbriklərinə qoşulub millətimizi bu bayram münasibətilə təbrik edirəm! Bu gün mən xüsusilə sevinirəm. Ona görə ki, həmin 43 nəfərin içərisində Azərbaycanın SSRİ-nin tərkibində qalmasının əleyhinə səs verən adamlardan biri mənəm. Həmin adamlardan burada cəmi 3 nəfər qalmışıq, yerdə qalanlar təzə tərkibdir. Ömrü boyu, xüsusən də 1988–1991-ci illərdə bu yolda mübarizə aparmışıq. Hazırda kimin nə deməyindən asılı olmayaraq, bu bir tarixdir, biz hələ bu tarixi yaşayırıq və bunu xalqın yaddaşından silmək olmaz.
Bu gün Milli Məclisdə iki münasibət var. Bir tərəf deyir ki, SSRİ dağıldı və sonra Azərbaycan azadlığa çıxdı. İkinci tərəf deyir ki, SSRİ-nin dağılmasına Azərbaycanda və keçmiş SSRİ-də gedən xalq hərəkatları səbəb oldu. Mənə elə gəlir ki, bunları qarşı-qarşıya qoymaq lazım deyil. Əslində, həqiqət haradasa bunların ikisinin birliyindədir. SSRİ zəifləmişdi, amma xalq hərəkatı da onu yıxdı.
Xalq hərəkatının güclənməsində rolu olan, SSRİ-nin dağılmasını qabaqcadan görən adamlardan biri də Heydər Əliyev idi. Heydər Əliyev Naxçıvanda öz müstəqil siyasətini aparırdı, çünki SSRİ-nin dağılacağını görürdü. Amma Azərbaycanın o vaxtkı rəhbərliyi hələ bizi haraya apardığını bilmədən Qorbaçovun quyruğundan yapışıb köhnə siyasəti yeritməkdə davam edirdi. Məsələ bunda idi.
Xalq hərəkatı, əslində, Heydər Əliyevlə bir yerdə fəaliyyət göstərirdi. Bu gün məni təəssüfləndirən ayrı bir məsələ var. Bu iki qüvvəni bir-birindən ayırmaq cəhdi göstərirlər. Əslində, Heydər Əliyev Milli Məclisdə həmin 43 deputatla bir yerdə fəaliyyət göstərirdi. Burada çıxış edərkən salonda təpik döyən adamların çoxu sonradan onun əli ilə vəzifə aldılar və vəzifə sahibi oldular. Amma 43-lərin taleyi başqa cür gətirdi. Bu da taleyin işidir. Həmin dövrdən bəhs edəndə 2–3 ili, xalq hərəkatını günahlandırmaq lazım deyil. O zaman hakimiyyətdə olanları günahlandırmaq lazımdır. Biz kiminlə mübarizə aparırdıq? Biz Heydər Əliyevlə mübarizə etmirdik. Ayaz Mütəllibovun, Vəzirovun qurduğu rejimlərlə mübarizə gedirdi. Bu rejimlərlə mübarizədə biz məhz elə Heydər Əliyevlə bir cərgədə idik. Onu Bakıya dəvət edənlərin bir hissəsi də xalq hərəkatının başında dayanan adamlar idilər. Bu tarixi yaddan çıxarmaq olmaz.
Müstəqil dövlətin özü də tərbiyə olunmalıdır. İnsan kimi dövlət də tərbiyə olunur. Dövlətin öz əxlaqı, yaddaşı olur. Bu cəhətdən hesab edirəm ki, biz dövlətimizə kənar don biçməyək. Biz dövlətimizin öz halal paltarını onun əyninə geyindirməliyik. Nə yaxşı ki, biz həmin sənəddə “1918-ci il Xalq Cümhuriyyətinin bərpası” sözlərini yazmışıq. Əgər yuxarıda göstərdiyim sözləri yazmasaydıq, bu gün çıxış edənlərin bəziləri həmin iki ili də unutdurmağa çalışardılar. Belə yaddaşsızlıq olmaz. Burada Məmmədəmin Rəsulzadələrin və yaxud 43-lərin adı xatırlananda nə olacaq? Həmin 43-lərdən biri 10 cild tarix kitabı yazmış Firudin Ağasıoğludur. Nazir olub, bu gün acından ölür, bir tikə çörəyi yoxdur. Onun təqaüd almağı kimin yerini dar edərdi və başqaları da bu şəkildə. Biz bunu tələb edirik, başqa nə tələb var? Mən burada deputatam, öz yerimdə oturmuşam.
İlham Əliyevin, cənab Prezidentin bu gün Azərbaycanda gördüyü işləri heç kim inkar edə bilməz. Azərbaycanda ikinci bir Azərbaycan yaradıb, hamının gözünün qabağındadır. Amma mən bu gün üzümü İlham Əliyevə tutub deyirəm: Sizin atanız vaxtilə özü deyirdi ki, bir vaxt mənim vəzifə verdiyim və işə gətirdiyim, tərbiyə etdiyim adamlar sonra mənə xəyanət etdilər. Bu gün İlham Əliyev mədhiyyələrdən, təriflərdən qorunmalıdır. Tənqid dövləti yıxmaz, amma yalançı mədhlər dövləti yıxar. Yalançı təriflər, bir-birini təkrar edən mədhiyyələr dövləti və dövlət başçısını zəiflədər. Dövlət başçısına kömək etmək istəyirsinizsə, həqiqəti deyin.
Mən bunun əleyhinə deyiləm. Hər kəsin sevgisi var, sevgisini ifadə etsin. Niyə demirik ki, bu gün müstəqillik bayrağının altında oturan məmurların bir hissəsi xalqın taleyinə etinasızdır. Deyirik ki, Heydər Əliyevi hakimiyyətə xalq gətirmişdi. Əgər həmin xalqın nümayəndələrinin telefonuna cavab verilmirsə, onlar məmurun qəbuluna düşə bilmirlərsə, bəziləri ac-yalavacdırlarsa, bu, İlham Əliyevə xidmət deyil, ona qarşı getməkdir. Mən dövlətçilik əxlaqını bu cür görürəm. Ona görə də xahiş edirəm ki, Milli Məclis bu məsələlərdə bir az ehtiyatlı olsun. Özümüzə, keçmişimizə hörmət edək, keçmişini inkar edəni gələcək inkar edəcək. Biz bir ənənə yaradaq, keçmişi də qoruyaq və gələcəyə də körpü salaq.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Sağ olun. Emosiyalardan uzaqlaşıb faktlara nəzər salsaq, görərik ki, keçmiş SSRİ-də suverenlik və dövlət müstəqilliyi məsələləri əhəmiyyətli dərəcədə aşağıların deyil, yuxarıların təşəbbüsü ilə olub. Paradoksal səslənsə də, Sovetlər Birliyinin süqutunun hərəkətverici qüvvəsi sovet respublikalarındakı mərkəzdənqaçma meyli deyil. Əlbəttə, bunlar da var idi. Bir tərəfdən Kremlin fərasətsiz siyasəti, digər tərəfdən, Qorbaçov və Yeltsinin qarşıdurması idi. Dəyişiklik havasını ilk hiss edən və keçmiş SSRİ-də ilk olaraq öz suverenliyinin bərpası haqqında tarixi qərar qəbul edən istisna kimi Pribaltika dövlətləri olmuşdu. Belə ki, 1990-cı il mayın 11-də Litva, mayın 4-də isə Latviya öz müstəqilliyini elan etdi. 1990-cı il iyunun 12-də isə Rusiyada da dövlət suverenliyi haqqında deklorasiya bəyan edildi. Bütün bu proseslər SSRİ-nin süqutunu qaçılmaz etdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinə gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, ölkə üçün tarixi əhəmiyyət daşıyan hadisələr SSRİ respublikalarının çoxundan sonra baş verdi. Bunun da əsas səbəbi o idi ki, respublikaya Moskva yönümlü, hər zaman Kremlə nəzər salmaqla fəaliyyət göstərən Ayaz Mütəllibov hakimiyyəti rəhbərlik edirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə yadınızdadırsa, 1991-ci il avqust ayının 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edildi. Nəyə görə isə burada heç kim bunu yada salmır. Məhz həmin günü həqiqi mənada milli müstəqillik günü kimi qəbul etmək olardı. Çünki 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktı, sadəcə olaraq, müstəqilliyin siyasi, iqtisadi və hüquqi əsaslarını təyin etmişdir.
Yeri gəlmişkən, keçmiş SSRİ-nin bir çox respublikalarında məhz bəyannamənin qəbul edildiyi gün dövlət bayramı kimi qeyd olunur. Özü də bəyannaməni bizdə bütün parlament qəbul etdi. Konstitusiya Aktına isə bir neçə onluq imza atdı. Beləliklə, biz o vaxtkı siyasi konyunktura hesabına müstəqillik bayramımızı başqa respublikalarla müqayisədə az qala 2 ay gec qeyd etməyə məhkumuq. Hətta bir sıra Mərkəzi Asiya respublikaları da bizdən bu prosesdə öndə getmişlər. Ona görə mən təklif edərdim ki, dövlət müstəqilliyinin qeyd olunması tarixinə yenidən baxılsın və bu bayramın 30 avqusta keçirilməsi təklifi nəzərdən keçirilsin.
Kimlər isə həm həmin dövrdə, həm də indi özlərini müstəqilliyin həqiqi mübarizləri elan etmək istəyirlər. Bununla bərabər kütləvi informasiya vasitələrində də yalnız 43 nəfərin adı çəkilir. Hətta bəziləri həmin şəxslərə Milli qəhrəman adı verilməsini təklif edirlər. Onda soruşulur, nəyə görə bu adı Ali Sovetin bütün 360 deputatına təqdim etməyək? Axı onlar, demək olar ki, təkrar edirəm, tam tərkibdə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməyə səs veriblər. Yeri gəlmişkən, bu sənədə Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova imza atmışdır. Hesab edirəm ki, bu mərd qadının milli parlamentin tarixindəki və ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin əldə olunmasındakı rolu indiyəcən lazımınca qiymətləndirilməyib.
Müstəqilliyin əldə edilməsi ilə postsovet məkanında yeni müstəqil dövlətlər qarşısında daha çətin vəzifələr qoyulmuş oldu. Müstəqilliyi nominal əldə etməklə yanaşı, keçmiş sovet respublikaları de-fakto müstəqil olmaq hüququnu da beynəlxalq arenada təsdiq etməli idilər. Müxtəlif dövlətlər bu 20 ili müxtəlif cür yaşadılar. Kimlər isə Avropa Birliyinə, NATO-ya üzv ola bildi, kimləri isə hətta Avropa Şurasının həndəvərinə də buraxmadılar. Bəzi respublikalarda fasiləsiz hakimiyyət dəyişikliyi baş verir, rəngarəng inqilablar və çevrilişlər hələ də davam edir. Kimlər isə rus hərbi və iqtisadi mövcudluğu olmadan yaşaya bilmədi, bizim qonşu ermənilər kimi. Heç də bütün keçmiş SSRİ respublikaları de-yure müstəqilliklərini de-fakto formatında təmin edə bilmədilər.
Bunun əksinə olaraq, Cənubi Qafqaz regionunda dövlət müstəqilliyinin nümunəvi modelini Azərbaycan nümayiş etdirir. Bu gün Azərbaycan maliyyə böhranının, fasiləsiz inqilabların və mülki əhaliyə terror hücumlarının baş verdiyi çalxalanan dənizdə siyasi, iqtisadi stabillik olan bir kiçicik adacıqdır. Biz çətin dünyada, bəsit olmayan çevrədə yaşayırıq. Bizim dostlarımız çoxdur, amma bizi arzulamayanlar da az deyil. Onlar Azərbaycanda da bənzər qlobal və nəticəsi çətin ehtimal olunan inqilabi qarışıqlıq yaratmağa cəhd edirlər. Biz onlara imkan verməməliyik ki, buna nail olsunlar. Fitnəyə uymamalıyıq. Biz hamımız artıq bu yolu keçmişik. Müstəqilliyin dəyəri bizim azadlığın dəyəridir, bu bizim ailələrin, uşaqlarımızın, gələcəyimizin...
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev.
S. Alıyev. Mən də bu salondakı hər kəsi dövlət müstəqilliyimizin 20-ci ildönümü münasibətilə təbrik edirəm! Az öncə burada edilən bəzi çıxışlardan da göründüyü kimi, biz, əslində, müstəqilliyimizin bərpasının 20 yox, 21-ci ildönümünü qeyd etməli idik. Əgər o vaxt mərkəzi hakimiyyət ulu öndər Heydər Əliyevin Naxçıvanda etdiklərini təkrarlasa, azından ona maneçilik törətməyib dəstək versə idi, postsovet respublikaları içərisində müstəqilliyə ən tez qovuşanlardan biri Azərbaycan olacaqdı. Amma təəssüf ki, tarixi “əgərlərlə” dəyişdirmək olmur.
İndi, məncə, əsas məsələ bu deyil. Dünən cənab Prezidentin də dediyi kimi, biz bu gün sözün əsl mənasında müstəqilik. Müstəqil olmaq, müstəqil siyasət yeritmək dildə nə qədər asan səslənsə də, əslində, olduqca çətin məsələdir. Açığını deyək ki, dünya güclərindən heç biri başqa dövlətlərin müstəqil siyasət yeritmələrini, yumşaq desək, o qədər də həzm etmir. Xüsusilə də onların maraqlarının kəsişdiyi bir regionda. Bu regionda müstəqil siyasət yeritmək dövlətin güclü iqtisadi potensialının olması ilə yanaşı, onun başında duran adamdan böyük bacarıq və hünər istəyir. Hünər istəyir ki, Amerika kimi bir dövlətin Türkiyə–Ermənistan sərhədlərinin açılması planına qarşı çıxasan və böyük güclərin bu yöndə dilə gətirdikləri istəkləri rədd edəsən. Biz yaxşı görürük, təkcə Ermənistan deyil, hətta elə dövlətlər var ki, iqtisadi və insan potensialları Azərbaycandan qat-qat artıq olduğu halda tam müstəqil siyasət yeridə bilmirlər. Qafqaza gəldikdə həm yerli, həm də əcnəbi ekspertlərin əksəriyyəti bu fikirdədir ki, burada ancaq Azərbaycan müstəqil siyasət yeridə bilir. Digər iki ölkədən birinin forpost, digərinin isə Qərbdən protektarat asılılığında olduğunu vurğulayırlar.
Bilirsiniz, məncə, hər hansı bir ölkənin müstəqil siyasət yeritməsi 3 amildən asılıdır. Onun iqtisadi potensialının, əhalisinin, belə deyək, dövlətçilik damarının olub-olmamasından və bir də, başında duran adamların kimliyindən. Şükürlər olsun ki, bu baxımdan bizim bəxtimiz gətirib və biz son 20 ildə nəinki özümüz müstəqil siyasət yeritməyi bacardıq, həm də dost və yaxın saydığımız bir sıra ölkələrin müstəqilliklərinin güclənməsində, təhlükəsizlik məsələlərində önəmli rol oynaya bildik.
Heç kim üçün sirr deyil ki, bu gün qonşu Gürcüstanın ayaqüstə durmasında Azərbaycanın çox böyük rolu var. Eyni zamanda, ən çətin anlarında müstəqilliklərini qoruyub saxlamaları üçün Azərbaycanın Ukrayna və Belarusa yardım əli uzatdığı faktdır. Onu da bilirik ki, əgər ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və reallaşdırdığı neft strategiyası olmasaydı, Mərkəzi Asiya dövlətləri bir çox məsələlərdə indiki qədər sərbəst hərəkət edə bilməyəcəkdilər. Bakı–Ceyhan neft və Bakı–Ərzurum qaz kəmərlənin timsalında Qərbə çıxış imkanları yarandıqdan sonra həmin ölkələr Rusiyaya çox ucuz satmaq zorunda qaldıqları yanacağın qiymətini birdən-birə 5–6 dəfə qaldırdılar. Məhz bu kəmərlərin çəkilişi ilə orada da alternativ marşrutlar məsələsi aktuallaşdı.
Məhz ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası sayəsində qardaş Türkiyə özünün nefti və qazı olmaya-olmaya dünya enerji bazarında aparıcı oyunçulardan birinə çevrilib. Mənə elə gəlir ki, az öncə Fazil Mustafanın qeyd etdiyi kimi, Nuru Paşanın Azərbaycan qarşısındakı xidmətlərinə bu ən böyük bir cavabdır. Eyni zamanda, bu gün Türkiyənin dünya gücləri qarşısında öz dövlət maraqlarını daha qətiyyətlə ortaya qoymasında Heydər Əliyevin, Heydər Əliyev Azərbaycanının rolu böyükdür və danılmazdır. Bir sözlə, 20 illik müstəqillik dövründə ölkəmiz nəinki sözün əsl mənasında müstəqil olmağı bacardı, eyni zamanda, başqa dövlətlərin müstəqillik potensiallarının artmasında əhəmiyyətli rol oynadı. Təbii ki, bizə dost və yaxın olan dövlətlərin.
Mən hər bir azərbaycanlını bu möhtəşəm uğurla bağlı bir daha təbrik edirəm! Yaşasın müstəqil olmağı və onu qorumağı bacaran Azərbaycan xalqı! Yaşasın milli maraqlarımızı hər şeydən üstün tutan, bu məsələdə əsl lider qətiyyəti göstərən Prezidentimiz cənab İlham Əliyev! Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ. Hacıyev. Mən də deputat yoldaşlarımızın müstəqillik günü ilə əlaqədar təbriklərinə qoşulur, həm deputat həmkarlarımı, həm də xalqımızı təbrik edirəm! Azərbaycan xalqı qədim dövlətçilik tarixinə malikdir. Hələ qədim Atropatkan dövlətindən başlamış bu günə qədər biz dövlətçilik tarixini 5 min il kimi qeyd edirik. Lakin təəssüf ediləsi haldır ki, bunun çox böyük əksəriyyətini biz müstəqil dövlət kimi yaşaya bilməmişik. Təkcə XIX–XX əsrləri təhlil etsək, 1828-ci ildən sonrakı dövrdə, yəni 1918-ci ilə qədər 90 il biz çarın müstəmləkəsi olmuşuq. 1920-ci ildən 1991-ci ilə qədər, 71 il sovet imperiyasının tərkibində olmuşuq. Burada qazandıqlarımız da olub, amma itirdiklərimiz daha çox olub.
Hər bir xalqın arzusu müstəqillik əldə etməkdir. Bu cəhətdən Azərbaycan xalqı da istisna təşkil etmir. Çox yaxşı haldır ki, biz XX əsrin əvvəllərində öz müstəqilliyimizi qazana bilmişdik. Lakin qısa müddət ərzində biz bunu itirdik. Bir daha deyildiyi kimi, keçən əsrin sonunda müstəqillik əldə olundu. Burada deyildi, 1990-cı illərdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdik. Bir də, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını, yəni bu gün 20 illiyini qeyd etdiyimiz Konstitusiya Aktını. Elə bilirəm ki, bəyannamə ilə qanunu qarışdırmamalıyıq. Yəni bunlar ayrı-ayrı şeylərdir və Konstitusiya qanunu tam əsas verir ki, müstəqilliyimizin 20 illiyini bayram kimi qeyd edək.
Lakin müstəqilliyin bərpa olunması bütün məsələləri tam həll etmir. Dünən ölkə Prezidenti təntənəli yığıncaqda 1999-cu ildə Naxçıvanda baş verən noyabr hadisələrini qeyd etdi. Ulu öndərimiz Naxçıvanda idi, ancaq hələ Naxçıvan Ali Məclisinin sədri deyildi, sadəcə, bir ağsaqqal və təcrübəli dövlət xadimi kimi Ali Məclisin sessiyasının aparılması Heydər Əliyevə tapşırılmışdı. Hələ SSRİ deyilən bir imperiyanın mövcud olduğu dövrdə – ulu öndərimizin də vaxtilə dediyi kimi, SSRİ-nin qılıncının qarşısı və arxasının da kəsdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Təkcə bu deyildi. Dövlət bayrağı həmin salona gətirildi. Naxçıvan Ali Soveti Ali Məclis adlandırıldı.
Sonrakı mərhələlərdə milli dövlətçiliyin bərpa edilməsi istiqamətində çox mühüm, uğurlu addımlar atıldı. Bilirsiniz ki, ən mühüm addımlardan biri Naxçıvanda milli ordunun yaradılmasıdır. Müstəqilliyimizə ciddi mane olan, Azərbaycan–Ermənistan–Dağlıq Qarabağ məsələsinə mənfi təsir göstərən ən mühüm səbəblərdən biri milli ordunun yaradılmaması idi. Həmin dövrdə Ermənistan milli ordusunu yaratmışdı. Azərbaycanın Prezidenti öz təhlükəsizliyini qorumaq üçün Milli Qvardiya yaradırdı. Bir sıra səbəblərlə yanaşı, bunlar da Azərbaycanın torpaqlarının itirilməsinə gətirib çıxardı.
Ancaq Naxçıvanda ulu öndərimiz milli ordunun yaradılması istiqamətində uğurlu addımlar atırdı, sərhəd dəstəsini yaradırdı. Bütün bunlar Naxçıvanda milli dövlətçilik istiqamətində atılan uğurlu addımlar idi, lakin Azərbaycan rəhbərliyi bundan nəticə çıxarmırdı. Həmin dövrdə Azərbaycan rəhbərliyinin səhv siyasəti milli dövlətçiliyimizin möhkəmlənməsinə mane olurdu. Təsadüfi deyil ki, ağıllı mövqe tutan xalqımız ulu öndərimizi Azərbaycan siyasi hakimiyyətinə dəvət etdi və qısa müddət ərzində ümummilli liderimizin apardığı ağıllı siyasət nəticəsində çox uğurlu addımlar atıldı.
Burada bir cəhəti də qeyd etmək istəyirəm. Azərbaycan dövlətinə onlarla rəhbər başçılıq etmişdir. Lakin onların heç biri ümummilli lider səviyyəsinə yüksələ bilməmişdir. Arzu edirəm ki, gələcəkdə biz ümummilli lider haqqında ayrıca qanun qəbul edək. Hər dövlət rəhbəri ümummilli lider deyil. Əgər “ümummilli lider” anlayışı konkret olaraq ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdırsa, Milli Məclisdə belə bir qanun qəbul edilməlidir. Xüsusilə 1993–2003-cü illərdə aparılan ardıcıl siyasətin və indiki ölkə Prezidentinin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və deyildiyi kimi, müstəqil siyasət mövqeyi tutması Azərbaycanın əsl müstəqil dövlət olduğunu bir daha nümayiş etdirir. Atılan addımlar da bunu bir daha təsdiq edir. Müstəqilliyimizin son illərində həm daxili, həm də xarici siyasətdə xeyli uğurlar əldə etmişik.
Mən həm bu sahədə qəti mövqe tutan ölkə Prezidentimizi və ölkə Prezidentimizin siyasətini dəstəkləyən xalqımızı bayram münasibətilə təbrik edirəm!
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Burada mənə qədər deputat həmkarlarımızın dedikləri kimi, müstəqillik hər bir xalqın ən böyük arzusudur. Müstəqillik əldə etmək, eyni zamanda, Azərbaycan cəmiyyətinin, dövlətinin, xalqının ən böyük milli arzusu və tarixi nailiyyətidir. Burada müxtəlif mövqelər açıq və müəyyən qədər örtülü şəkildə ifadə olundu. Mən də məsələyə münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın indiki dövlət müstəqilliyi Azərbaycan Demokratik Respublikasının əsasında formalaşmış bir müstəqillik mərhələsi kimi dəyərləndirilməlidir və dəyərləndirilir. İndiki müstəqilliyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi əsasında formalaşmışdır. Buna ən böyük siyasi qiyməti də elə ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev vermişdir. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin geniş miqyasda dövlət səviyyəsində qeyd olunması haqqında qərarın altında görkəmli dövlət xadimi, ümummilli liderimiz, böyük siyasətçi Heydər Əliyevin imzası vardır. Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunmasına dair ölkə Prezidentinin sərəncamındakı “müstəqilliyinin bərpa edilməsi” sözləri də əvvəlki müstəqil dövlətimizin tanınması, həm də onun varisi kimi obyektiv qiymətləndirilməsinin çox aydın və parlaq təzahürüdür.
Heydər Əliyev hələ sovet dövləti zamanında düşünülmüş, qətiyyətli, böyük, gələcəyə hesablanmış addımları ilə xalqımızı və ölkəmizi gələcək müstəqilliyə hazırlamışdır. Bu barədə kifayət qədər deyilmişdir və yazılmışdır. Bunlar danılmaz həqiqətlərdir. Keçid dövrünün proseslərində də xalq və milli azadlıq hərəkatının bütün dövrlərini, təmsilçilərini bir yerdə dəyərləndirməklə yanaşı, etiraf etmək lazımdır ki, milli azadlıq hərəkatı dövründə ən parlaq, tarixə düşə biləcək tarixi hadisələr Heydər Əliyevin adı ilə bağlıdır. Məsələn, SSRİ adlı böyük dövlətin mövcudluğu zamanında, hələ öz gücünü göstərdiyi bir tarixi məqamda, çətin şəraitdə Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyimizə gələrək Azərbaycan xalqı adından bütün dünyaya bəyanat verməsi böyük cəsarətin, vətəndaşlığın, azadlıq arzusunun, azadlıq hərəkatındakı ən qiymətli addımının ifadəsi demək idi.
Burada məndən əvvəl deyildiyi kimi, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözlərinin çıxarılması Sovet İttifaqının yaşadığı bir zamanda baş verirdi. Həmin dövrə qədər postsovet ölkələrinin heç birində buna bənzər hadisə baş verməmişdi. Dövlət bayrağının qəbul olunması da Sovet İttifaqının mövcud olduğu bir şəraitdə baş verdiyi üçün təkrarolunmaz hadisədir. Sovet İttifaqının adından göründüyü kimi, əsasını sovetlər təşkil edirdi, hökumətə də “sovet hökuməti” deyirdik. Bu hökumətin rəmzlərindən biri “sovet”, “şura” sözləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, “Ali Sovet” sözlərində “sovet” sözünün əvəzlənməsi, əslində, siyasi sistemin nəbzinə vurulan ağır zərbə idi. Sovet sisteminin dağılmasının başlanğıcı idi.
Heydər Əliyevin Azərbaycanın müstəqillik dövründəki hakimiyyəti illərində Azərbaycanın dövlət müstəqilliyi, sözün həqiqi mənasında, bütün istiqamətlər üzrə möhkəmləndirildi. Heydər Əliyevin liderliyi əsasında cəmiyyət həyatının bütün istiqamətlərində keçirilən islahatlar Azərbaycanda müstəqilliyin artıq keçici bir hadisə yox, əbədi olduğu fikrini formalaşdırdı. Böyük Heydər Əliyev təlimi əsasında bu varislik hissini yüksək səviyyədə müasir dünya dəyərlərinə və ölkə reallıqlarına uyğun şəkildə bacarıqla davam etdirən ölkəmizin Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında modern, müasir, yeni bir Azərbaycanın qurulması da müstəqilliyimizin çox böyük tarixi nailiyyətidir. Bu gün qürurla demək olar ki, dünya birliyində özünü...
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Böyük bayram münasibətilə burada çox dəyərli fikirlər deyildi və bütün istiqamətlərdə təhlillər aparıldı. Şübhəsiz ki, bu qiymətli fikirləri daha da çox söyləmək olar. Mən qısaca, vaxtınızı almadan 1–2 məsələyə diqqət yetirib fikrimi tamamlamaq istəyirəm.
Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu ulu öndərimiz Heydər Əliyevdir. Onun işləyib hazırladığı siyasət əsasında Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur. Bu gün Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyi təmin edilir. Bu siyasət uğurla davam etdirilir.
Cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan tamamilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bu gün dünyada iqtisadi fenomen olan Azərbaycanın yeni bir inkişaf modeli işlənib hazırlanıb. Ümumiyyətlə, deyərdim ki, bu, modernizm modelini meydana gətirən, onu Azərbaycan özəlliklərini nəzərə almaqla işləyib hazırlayan cənab Prezident İlham Əliyevin böyük dövlət quruculuğu siyasətinin nəticəsidir. Bu gün Azərbaycan inkişaf edir, dünyada layiq olduğu yeri tutur. Bu bizim uğurlarımızdır və müstəqil dövlətçiliyimizin bizə bəxş etdiyi ən böyük nemətdir. Bizim hər birimiz ulu öndərin dediyi kimi, fəxr edirik ki, azərbaycanlıyıq və müstəqil Azərbaycanın vətəndaşlarıyıq.
Mən bu bayram münasibətilə hər kəsi təbrik edirəm! Əminəm ki, bizim üçün ağrılı olan Qarabağ məsələsi də cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə həll olunacaqdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcəkdir. Azərbaycan bu siyasətlə öz xoşbəxt gələcəyini tam təmin edəcəkdir. Diqqətinizə görə çox sağ olun. Düşünürəm ki, bu məsələləri artıq yekunlaşdırmaq olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlar! Həqiqətən, bu gün bizim ən xoş, gözəl bayramlarımızdan biridir. Azərbaycan xalqının müstəqil dövlətinin qeyd etdiyimiz 20-ci ildönümü çox şərəfli, şanlı, gözəl tarixlərdən biridir. Bu gün burada eşidilən fikirlər, təbriklər bizi seçən, Milli Məclisə göndərən bütün Azərbaycan seçicilərinin, Azərbaycan xalqının ürəyindən gələn sözlərdir. Həmin sözləri ümumiləşdirsək, yekunlaşdırsaq, belə səslənər: xalqımız belə bir bayramı ürəkdən qeyd edir, bu günə gəlib çatdığımız zaman kəsiyində itirdiklərimizi və qazandıqlarımızı çox gözəl bilir. Bu günümüz üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu əbədiyyətə qədər çatdırmaq ideyasını, əməlini xalqımız üçün öz canını, qanını əsirgəmədən yerinə yetirən ulu öndər Heydər Əliyevə öz minnətdarlığını bildirir!
Müstəqilliyimizin davam edəcəyi 30 il, 40 il, 50 il, 100 il və bundan sonra yüz illər Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə minnətdar olacaq ki, xalqı üçün dünyada ən gözəl nümunəvi bir dövlət olan Azərbaycan dövlətini qoyub gedibdir. Həmişə dillərin əzbəri, ürəkləri fəth edən fikirlər səslənəcək ki, ulu öndər müstəqil Azərbaycan kimi şah əsərini yaratmaqla bərabər onu etibarlı əllərə həvalə edib gedibdir. Xalqın ürəyi, istəyi ilə onun davamçısı olan İlham Əliyev müstəqil Azərbaycanımızı böyük uğurla idarə edir. Heydər Əliyev qədər məhəbbətlə onun kəndlərini, şəhərlərini gəzir, dolanır, problemlərini həll edir. Bakımızı dünyanın ən gözəl paytaxtlarından birinə, Azərbaycan torpaqlarını dünyanın ən varlı, bərəkətli torpaqları ilə müqayisə olunacaq yuxarı səviyyəyə çatdırmaq, Azərbaycan insanını dünyada tanınan, dünyanın ən zəkalı, ağıllı, mədəniyyətli, demokratik insanı kimi təqdim etməyə çalışaraq gərgin əməklə, fəaliyyətlə məşğuldur.
Belə bir vaxtda biz ulu öndərimizi böyük hörmətlə yad edirik. Azərbaycan xalqı qarşısında onun xidmətlərini həmişə ürəkdolusu qeyd edirik və sözlərini yada salırıq. Heydər Əliyevin fəaliyyəti təkcə müstəqil Azərbaycan dövləti qurmaqla bitməyib və o, perspektivi olan özəl siyasi bir irs, dövlətçilik irsi qoyub gedibdir. Bu irsi biz davam etdirəcəyik. Onun davamçısı çox hörmətli Prezidentimiz İlham Əliyevin şəxsində bu dövlətçilik davam edəcəkdir. Azərbaycan xalqı fəxr etməlidir ki, onun belə bir ulu öndəri olubdur. Azərbaycan xalqı bu gün fəxr edir ki, onun İlham Əliyev kimi ulu öndərin davamçısı olan Prezidenti vardır. Bu bayram bütün xalqımıza aiddir. Bu bayram bütün Heydər Əliyevsevənlərə, Azərbaycan xalqını, onun torpaqlarını, çaylarını, göllərini, meşələrini sevənlərə böyük, ürəkdolusu hərarət gətirən bir bayramdır. Bu bayram münasibətilə mən bir daha xalqımızı ürəkdən təbrik edirəm!
Buraxdığımız nöqsanları, etdiyimiz səhvləri, itirdiklərimizi təkrar etməmək üçün insanlarımıza ağıl, zəka, təmkin yoluna və bir də, düz, doğru yola, Heydər Əliyev yoluna qayıtmağı təklif edərdim. Bayram hamımızındır, Azərbaycan hamımızındır, müstəqil Azərbaycanımız bizim övladlarımızın, gələcək nəsillərimizin qürur mənbəyidir. Onlar həmişə ulu öndərin sözlərini deyəcəklər: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Ulu öndərin dediyi kimi, xalqımız həmişə hiss edəcəkdir ki, o həmişə buradadır, Azərbaycandadır, bizimlə, gələcək nəsillərlə bir yerdədir və yolumuzu işıqlandıran Heydər Əliyev yolunun önündədir.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Burada səsvermə yoxdur, Siyavuş müəllim. Amma mən baxıram ki, siyahıda 14 deputat qalıb. Onların yarısı yazılıb, yarısı yoxdur. Azay Quliyevə söz verək, sonra baxarıq.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, mən də bütün təbriklərə qoşulmaqla çıxışıma başlamaq istəyirəm. Bu gün hər bir azərbaycanlı böyük fəxr hissi keçirir ki, özünün müstəqil bir dövləti, bu dövlətin 20 yaşı var. Bu dövlət, doğrudan da, qürur mənbəyidir. Hər bir vətəndaş bu gün ölkədən kənarda böyük fəxarət hissi ilə “azərbaycanlıyam” deyə bilir. Hər bir vətəndaş ölkədən kənara çıxanda Azərbaycan vətəndaşı olduğu üçün hörmətlə, sayğı ilə qarşılaşır. Mənə belə gəlir ki, bundan böyük xoşbəxtlik ola bilməz.
Bu gün hörmətli həmkarlarım çox dəyərli fikirlər səsləndirdilər, çox ciddi təhlillər apardılar. Keçilən yola bir növ nəzər saldılar və Azərbaycan dövlətinin 20 ildə qət etdiyi şərəfli yolu işıqlandırdılar. Dünən cənab Prezidentin iştirakı ilə keçirilən qəbulda olanların hər biri bu tədbir haqqında təəssüratını uzun müddət yaddan çıxarmayacaq. Həmin tədbirdə Azərbaycanın keçdiyi yolla bağlı təqdim olunan qısa rolik və orada göstərilən məlumatlar hamımızın hələ də yadındadır. Burada da, istər Oqtay müəllim, Sizin çıxışınızda, istərsə də Ziyafət müəllimin məruzəsində milli müstəqilliklə bağlı Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər çox geniş şəkildə açıqlandı, işıqlandırıldı.
Burada fikir səsləndirildi ki, biz həmin dövrə, xüsusilə 1991-ci ilin əvvəlinə diqqət çəkməyək. Bəlkə bu dövrdə baş verən bütün hadisələrə göz yumaq, müstəqilliyin ilk illərində Azərbaycana faydası olmayan, əksinə, zərəri dəyən insanlar haqqında bir kəlmə söyləməyək? Mənə elə gəlir ki, bu çox yanlış bir yanaşmadır. Ümumiyyətlə, tarix unutqanlığı heç vaxt bağışlamır. Heç kim unutmur ki, 1991-ci ilin əvvəllərindən 1993-cü ilə qədər, 2 il ərzində, sözün əsl mənasında Azərbaycan dövlətinin taleyi sual altında idi. Həmin dövrdə dövlət səviyyəsində təmsil olunan şəxslər məsuliyyətsiz hərəkətləri, bəyanatları ilə yadda qalmışlar. Bəziləri Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasına qeyri-ciddi yanaşır, bəziləri Ermənistana atom bombası atmaqla hədələyir və bəziləri isə ümumiyyətlə, öz vəzifələrinin məsuliyyətini dərk etməyərək, Azərbaycan xalqının maraqlarını nəzərə almayaraq şəxsi maraqlarını güdürdülər. Həmin dövrdə bizim şansımız onda gətirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycana dəvət olundu və Azərbaycan dövləti sükanının arxasına keçdi. Bu müddət ərzində Heydər Əliyevin həyata keçirdiyi işlər, layihələr, şübhəsiz ki, dövlətimizin müstəqilliyinin daimi və dönməz olmasının əsasını qoydu.
Bu gün müstəqil siyasətdən çox danışılır. Yəqin, hamı mənimlə razılaşar ki, müstəqil siyasət müstəqil iqtisadiyyatın əsas bazasını təşkil edir. Əgər həmin dövrdə dövlətin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçirilməsəydi, yəqin, indi biz fəxarət hissi keçirməzdik, Azərbaycanın keçmişinə, tarixinə bu qədər sevinclə yanaşa bilməzdik. Çox sevindirici haldır ki, bu gün ulu öndərin siyasi kursu cənab Prezident tərəfindən uğurla həyata keçirilir, davam etdirilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş müasir və öz problemlərini həll edə biləcək qədər gücü olan bir dövlətdir. Mən düşünürəm ki, növbəti illərdə də Azərbaycan bu kursu davam etdirəcək. Mən bu yolda cənab Prezident başda olmaqla bütün Azərbaycan vətəndaşlarına uğurlar arzulayıram! Bütün həmkarlarımı bu bayram münasibətilə təbrik etmək istəyirəm! Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyurun, Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Həqiqətən, 20 illik müstəqilliyimizi qeyd etmək hər bir adamda qürur hissi yaradır. Mənim üçün də bir qürur mənbəyidir. Şəxsən mən 20 il bundan qabaq bu salonda müstəqilliyə səs verən adamlardan biriyəm. Burada həmkarlarım, səs verən insanlar var. Burada nəyə görə çıxış etmək və 1 dəqiqə vaxt almaq istədim? Əslində, həmkarlarım yorulublar, onsuz da hamımız bir-birimizi təkrar edirik.
Cənab Sədr, burada iki məsələ ətrafında söhbət getdi. Çoxları elə başa düşür ki, 43 adam ancaq müstəqilliyə səs verib. Belə deyil. 43 adam referendumun əleyhinə səs verdi. Naxçıvanda referendum keçirilməyib və əhali buna səs verməyib. Mən 43 adamın zəhmətini yerə vurmaq istəmirəm. Fikir ayrılığı oldu, ona görə aydınlıq gətirmək istəyirəm. Yəni 43 adam, sadəcə olaraq, referendum keçirilməsinin əleyhinə səs verib, müstəqilliyə yox. Müstəqillik tamamilə başqa şeydir. Burada 250-yə qədər adam var idi. Arif Rəhimzadə, Mixail Zabelin və digərləri, hamımız burada iştirak etmişik. Mən sayını dəqiq bilmirəm, 250–255 adam var idi. Bu səsvermə necə keçirildi? Mən istəyirəm, bunu hamı, jurnalistlər də bilsinlər.
Konstitusiya Aktı qəbul olunanda hamı ayağa qalxdı, əl çaldı, kiminsə sevincindən gözü yaşardı, kiminsə ürəyindən nə keçdi, özü bilər. Şəxsən mənim sevincdən gözüm ona görə yaşardı ki, mən müstəqilliyin dadını və iyini Heydər Əliyevdən duymuşdum. Hələ 1990-cı ildə biz ikimiz də Naxçıvandan deputat seçilərkən, 1990-cı il noyabrın 17-dən tutmuş bütün proseslərdə və hətta 1991-ci il martın 7-də referenduma həsr olunmuş xüsusi sessiyada Heydər Əliyev deyirdi ki, ittifaq dağılır və dağılacaqdır, Azərbaycan Respublikası heç bir ittifaqa qoşulmamalı, referenduma getməməlidir. Amma çox təəssüflər olsun. Əvəzində nə oldu? Burada oturan insanların bir çoxu ayağını yerə döyürdü. Bu da var. Bunları da görmüşük. Ona görə mən bu baxımdan fikirlərimi qısaca çatdırdım ki, heç kəs həmin hadisələrin yerini səhv salmasın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, həqiqətən, hamı sözünü dedi. Fikirlər bir-birini təkrarlayır. Artıq 20 il ərzində keçdiyimiz siyasi yol, yaşadığımız həyat hamıya məlumdur, hamı hər şeyi bilir, başa düşür.
Mən bir daha fürsətdən istifadə edib hamınızı, eləcə də xalqımızı bu bayram münasibətilə təbrik edirəm! Biz inanırıq ki, Azərbaycan Prezidenti ilə birlikdə çox böyük uğurlar əldə edəcəyik. Ən başlıcası da əminik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Bir daha hamını təbrik edirəm! Bu istiqamətdə Prezidentimizə və bizə uğurlar arzu edirəm! Sağ olun.
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ
Novruzəli Aslanov. Bu gün Azərbaycanın müstəqilliyinə qovuşmasının 20 illik yubileyidir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm!
Bildiyiniz kimi, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi başladı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşdu. Qəbul edilən Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu.
Beləliklə, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü kimi tarixə düşdü. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayrağı və Dövlət gerbi təsdiq edildi. Bu müstəqillik xalqımızın istiqlaliyyət uğrunda mübarizəsinin bəhrəsi idi. Lakin bu sevincin kədərli tərəfi də mövcud idi. Belə ki, 1993-cü ilin ortalarından Azərbaycanda dərin siyasi böhran başladı. Bu böhrandan çıxmaq üçün Azərbaycan xalqı müdriklik nümayiş etdirərək ulu öndər Heydər Əliyevi xilaskar kimi yenidən siyasi hakimiyyətə gətirdi. Tarix bir daha sübut etdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da dəfələrlə çətindir.
1988-ci ildən başlamış erməni təcavüzü 1991-ci ilin oktyabr ayından sonra daha da genişləndi, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı itirməklə barışmayan imperiyanın təcavüzə dəstəyi artdı, Azərbaycan ərazilərinin beşdə biri işğal olundu. Azərbaycanın bölgələrə parçalanması təhlükəsi reallaşdı, hərbi qarşıdurma və vətəndaş müharibəsi üçün şərait yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, Vətəni milli-mənəvi parçalanmadan, dövlətimizin iflasa uğramasından xilas etdi. Bu ən yeni Azərbaycan tarixidir və hər birimizin qəlbində yer almış müstəqillik salnaməsidir.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır, Azərbaycan Respublikası beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi və ən əsası sülhpərvər dövlət imici qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın mükəmməl konstitusiyalarından biridir. Ölkəmizdə qorunub saxlanılan sabitlik, müxtəlif sahələrdə həyata keçirilən islahatlar, cəmiyyətimizin demokratik əsaslarla formalaşması, sosial-iqtisadi sahənin dinamik inkişafı dünya birliyinə inteqrasiyanı tam olaraq təmin etmişdir.
Müstəqillik tarixi üçün 20 il o qədər də böyük müddət deyil. Bu illər ərzində kifayət qədər böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi strategiya Azərbaycanın iqtisadi potensialının hərtərəfli inkişafının təməlini yaratmışdır. İqtisadiyyatın və sosial sahələrin modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr bu gün inkişaf edərək xalqımızın rifah halını daha da yüksəltmişdir. Sosial-iqtisadi sahələrin inkişafının davamlı olması üçün qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə qarşılıqlı əlaqələri daha da genişləndirmişdir.
Bir məqamı da xüsusi vurğulamaq istərdim. Həmin illərdə, daha dəqiq desəm, 1991-ci il noyabrın 5-də respublikada Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində müstəqil fəaliyyətini elan edib Sovet Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərkibindən çıxması haqqında müvafiq qərar qəbul etdi. Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da general Əliağa Şıxlinski və Azərbaycan Demokratik Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin təşəbbüsü ilə yaradılmışdı. Bu baxımdan Azərbaycan Qızıl Aypara Cəmiyyətini də o zamankı Demokratik Cümhuriyyətin varisi və təsisatı kimi qəbul etmək olar. Cəmiyyətimizin də 91 illik şərəfli tarixi vardır.
Lakin bütün bu uğurlarımızla yanaşı, kədərli anlarımız da mövcud idi. 1993-cü ildə torpaqlarımızın 20 faizi işğal edildi və bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum oldu. Bu hadisələrlə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına məktubla müraciət edərək beynəlxalq aləmin bu proseslərə daha fəal yanaşmasını xahiş etdi. Müraciətə müsbət reaksiya verildi və 1994-cü il iyunun 4-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda öz missiyasının başlamasına start verildi.
Həmin illərdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 25 noyabr tarixli 926 saylı “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” qərarına əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmən dövlət tərəfindən tanındı və öz missiyasını yerinə yetirməyə davam etdi. Bununla da müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hüquqi bazasının təməli qoyuldu.
Bu hüquqi bazanın davamı olaraq 2004-cü il yanvarın 31-də möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” sərəncam imzaladı. 2007-ci il mayın 8-də isə Milli Məclis tərəfindən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edildi. Həmin il mayın 22-də qanunun icrasına dair Prezident İlham Əliyev sərəncam imzaladı. Bütün bunlar müstəqillik tariximizin şanlı səhifələrindəndir.
Əminəm ki, hər bir azərbaycanlı qanı bahasına qazandığı bu suverenliyin, müstəqilliyin və ən əsası ölkəmizdəki sabitliyin qorunmasına töhfələr verəcəkdir. Hər birimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında birləşərək gələcək uğurlarımız üçün çalışacağıq.
Sonda öz çıxışımı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünənki tədbirdə dediyi sözlərlə bitirmək istərdim: “Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu, 20 il, 120 il, 220 il, 520 il olacaqdır!”
Bir daha hamınızı bu əlamətdar bayram münasibətilə təbrik edirəm!
İlyas İsmayılov. Bütün təbriklərə qoşuluram. Bu gün biz Milli Məclisdə müstəqilliyimizin 20 illiyini qeyd edirik. Bu, şübhəsiz, əlamətdar hadisədir.
Düşünürəm ki, “müstəqillik” yerli-yersiz işlədilən sadə söz, termin deyildir. “Müstəqillik” ölkənin vəziyyətini, dövlətin ərazi bütövlüyünü, onun sosial-iqtisadi və hüquqi təbiətini, inkişaf dərəcəsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasının və nəhayət, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının meyarı, ölçüsü olan mürəkkəb bir anlayışdır. Məhz ona görə də müstəqilliyə onun yuxarıda sadalanan mahiyyət əlamətləri baxımından qiymət vermək lazımdır. Bu haqda çox danışıldı, deyilənləri təkrar etmək istəmirəm, onların çoxları ilə razıyam. Lakin bir arzumu bildirmək istərdim: yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyü təmin olunsun və biz də müstəqilliyimizi qeyd edərkən onun bu əlamətindən fərəhlə, ağızdolusu danışaq.
Möhtərəm həmkarlarım! Dünən müstəqilliyimizin 20 illiyi münasibətilə “Buta”da çıxış edərkən hörmətli Prezident İlham Əliyev önəmli bir fikir söylədi: “Sosial ədalət fəaliyyətimizin əsas prinsiplərindəndir, biz onu yerinə yetirməliyik”. Bu prinsip tələb edir ki, əməklə əmək haqqı, xidmətlə mükafat, qəbahətlə məzəmmət, cinayətlə cəza arasında bir uyğunluq, asılılıq olsun. Bu baxımdan mən hörmətli Vahid Əhmədov, Fazil Mustafa və İqbal müəllimin qeyd etdikləri kimi, müstəqilliyə səs verən deputatlara xüsusi dövlət qayğısının göstərilməsinin sosial ədalət prinsipinin tələbi hesab edirəm. Düşünürəm ki, onları bugünkü iclasa dəvət etsəydik, yerinə düşərdi.
Çox şeydən danışmaq vaxt baxımından, yəqin ki, lazım deyil. Bir də onu qeyd etmək istərdim ki, Azərbaycan xalqının təhlükəsiz gələcəyi ancaq və ancaq dövlətinin varlığı ilə bağlıdır. Fikir verin: vaxtilə yəhudilər dövlətləri olmayan zamanlar yaşadıqları ölkələrdə şəxsi bacarıqları hesabına insan fəaliyyətinin müxtəlif sahələrində uğurlar qazansalar da, hakimiyyət orqanlarında yüksək pillələr tutsalar da, bu onları zaman-zaman basqınlardan, hücumlardan xilas etmirdi. Nəhayət, sionizmin əsasını qoyanlar bu fikrə gəldilər ki, yəhudi dövlətini qurmasalar, milləti basqınlardan qoruya bilməyəcəklər. Nəhayət ki, yəhudilər İsrail dövlətini qurdular və nəinki özlərini məhv olmaq təhlükəsindən xilas etdilər, hətta ətrafa meydan oxumağa başladılar.
Bundan çıxan nəticə: biz müstəqil Azərbaycan dövlətini qoruyub saxlamalı, onu daha da möhkəmləndirməliyik. Dövlətin möhkəmləndirilməsi qanunun aliliyi prinsipinin həyata keçirilməsindən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasından, korrupsiya ilə barışmaz mübarizədən keçir.