25.10.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU № 22

Milli Məclisin iclas salonu.
25 oktyabr 2011-ci il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin Sədr O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Gəray Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (birinci oxunuş).
2. “Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
17. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
18. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 110
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Vahid Əhmədov, Zahid Oruc, Fəzail Ağamalı, Əli Əhmədov, Xanhüseyn Kazımlı, Elman Məmmədov, Elmira Axundova, İqbal Ağazadə, Musa Qasımlı, Musa Quliyev, Qüdrət Həsənquliyev, Əli Məsimli, Tahir Rzayev, Məlahət İbrahimqızı, Aytən Mustafayeva, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Çingiz Qənizadə, Asim Mollazadə, Fərəc Quliyev, Etibar Hüseynov, Valeh Ələsgərov

Təklif: Konstitusiya qanunu birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 110
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 1
İştirak edir 115
Nəticə: Qəbul edildi

2. “Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.04 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.15 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

5. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

6. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Azay Quliyev, Elmira Axundova, Ziyafət Əsgərov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Hikmət Atayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

7. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

8. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

10. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

11. “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.58 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.58 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

13. Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.59 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

14. Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

15. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Musa Quliyev, İlham Məmmədov, Rəbiyyət Aslanova, Hadi Rəcəbli, Oqtay Əsədov, Çingiz Qənizadə, Gəray Gəraybəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.34 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

25 oktyabr 2011-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay  83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, qardaş Türkiyədə baş vermiş təbii fəlakət, güclü zəlzələ böyük dağıntılarla yanaşı, çoxlu insan tələfatına səbəb olmuşdur. İclasa başlamazdan öncə icazə verin, rəhmətə gedənlərə görə öz dərin hüznümüzü bildirək və onların xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Atalardan gələn məsəldir, deyir, həmişə şər ilə xeyir bir yerdə olub. Qardaş ölkədə təbii fəlakət türk dünyasının ağır bir faciəsi oldu. Ancaq icazə verin, bununla yanaşı, türk dünyasında əldə olunmuş böyük bir nailiyyətdən də danışaq. Bildiyiniz kimi, dünən Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. (Alqışlar.)
Mən hesab edirəm ki, bu nailiyyət dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsidir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycan xalqını, ümumiyyətlə, Azərbaycan diplomatiyasını təbrik eləyək və ona gələcəkdə daha böyük nailiyyətlər arzu edək! (Alqışlar.)
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir  110
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi. Sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirəyə ehtiyac olmadı. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanununun layihəsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, 2 il bundan öncə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilməsi təklifi məhz Milli Məclis tərəfindən irəli sürülmüşdü. 2009-cu il martın 18-də bu təklif ümumxalq səsverməsinə, referenduma çıxarıldı və qəbul edildi. Həmin əlavələrdən biri də Konstitusiyanın “Azərbaycan Respublikası Prezidentinin təminatı” adlı 108-ci maddəsinə əlavə edilən II hissə oldu. Məlumat üçün demək istəyirəm ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra parlament artıq Konstitusiyadan irəli gələn bir sıra qanunlar və qanunvericilik aktları qəbul etmişdir.
108-ci maddəyə əlavə edilmiş II hissə fəaliyyətdə olan ölkə Prezidenti ilə yanaşı, əvvəllər Azərbaycan Respublikasının Prezidenti olmuş şəxslərə də müəyyən təminatlar verilməsinin konstitusion əsaslarını yaratmış oldu. Bu şəxslərin statusu və təminatı qaydalarının ayrıca Konstitusiya Qanunu ilə müəyyən edilməsi nəzərdə tutulurdu. Bu gün sizin diqqətinizə məhz Konstitusiyanın bu tələbindən irəli gələrək Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanmış Konstitusiya qanununun layihəsi təqdim edilmişdir. Mən fürsətdən istifadə eləyib Konstitusiya qanununun hazırlanmasında komitəyə yaxından köməklik göstərmiş parlamentimizin aparatına öz təşəkkürümü bildirirəm.
Ümumiyyətlə, eks-prezidentlərin statusu haqqında qanunvericilik müddəaları bir çox ölkələrdə mövcuddur. Bunlar bəzən ayrıca qanun, misal üçün, Amerika Birləşmiş Ştatlarında keçmiş prezidentlər haqqında 1958-ci il tarixli qanun, yaxud bu və ya digər qanunun tərkib hissəsi şəklində olur, misal üçün, Qazaxıstan Respublikasının Prezidenti haqqında 1995-ci il Konstitusiya Qanununun “Qazaxıstan Respublikasının keçmiş prezidentləri” adlanan 6-cı fəsli. Demək istəyirəm ki, bu cür qanunlar inkişaf etmiş ölkələrin bir çoxunda qəbul edilmişdir.
Gördüyünüz kimi, Konstitusiya qanununun layihəsi lakonik, qısa, amma çox aydın şəkildə yazılmışdır. Burada keçmiş Prezidentin həm özünün, həm də ailəsinin təminatları müəyyənləşdirilmişdir. İlk növbədə keçmiş Prezidentin pensiya təminatı və onun ailə üzvlərinin pul təminatı haqqında məlumat vermək istərdim. Qanunda nəzərdə tutulub ki, keçmiş Prezident fəaliyyətdə olan Prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində pensiya alır və bu, ömürlük nəzərdə tutulan bir təminatdır. Konstitusiyanın 107-ci maddəsində göstərilən hal istisna olmaqla, bu təminat bütün hallarda keçmiş Prezidentə şamil olunur. Keçmiş Prezident vəfat etdikdə isə bu pul təminatı onun ailə üzvləri tərəfindən alınmış olur. Burada iki hal nəzərdə tutulub. Prezident vəzifədə olarkən dünyasını dəyişərsə, həyat yoldaşı və uşaqları onun aldığı maaşın 50 faizi məbləğində aylıq müavinət alır. Keçmiş Prezident səlahiyyət müddəti bitdikdən sonra vəfat etdikdə isə həyat yoldaşına və övladlarına onun pensiyasının 50 faizi məbləğində aylıq müavinət ödənilir. Bu pensiya və müavinətlərdən gəlir vergisinin tutulmaması barədə də Konstitusiya qanununda xüsusi bir müddəa vardır.
Digər mühüm təminat toxunulmazlıq təminatıdır. Mənə belə gəlir ki, bu çox vacib bir təminatdır. Bilirsiniz ki, Prezidentin toxunulmazlığı bizim Konstitusiyada öz əksini tapıb. Ancaq Prezidentin öz səlahiyyətlərini bitirdikdən sonra toxunulmazlığın ona da aid edilməsi, hesab edirik ki, gələcəkdə siyasi rəqiblər arasında sivil münasibətlərin yaradılmasına xidmət edən vacib bir müddəadır. Prezident həm bu vəzifədə olduğu dövrdə, həm də prezident vəzifəsinə seçildiyi dövrə qədər etdiyi hərəkətlərə və hərəkətsizliyə görə cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb edilə bilməz.
Təminatlardan biri də tibbi təminatdır. Qanunda nəzərdə tutulur ki, dövlət qulluqçusuna aid olan tibbi təminat növləri keçmiş Prezidentə də aid olunsun.
Konstitusiya qanunu layihəsinin vacib müddəalarından biri də 10-cu maddədir. Burada digər təminatlar sadalanıb. Nəzərdə tutulur ki, keçmiş Prezidentə üç nəfərdən artıq olmayan mühafizə heyəti ayrılsın və o, bir nəqliyyat vasitəsi və bir sürücü ilə təmin olunsun.
Bu maddədə təmsilçilik xərcləri də öz əksini tapmışdır. Qeyd olunur ki, keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir. Bu təmsilçilik xərclərinin verilməsi təsadüfi deyil, çünki bir çox hallarda keçmiş prezidentlər prezidentlikdən sonrakı dövrdə də müəyyən ictimai-siyasi fəaliyyətlə məşğul olurlar. Təmsilçilik xərclərinin ayrılması məhz bu fəaliyyətin təmin olunması üçün nəzərdə tutulmuşdur.
10-cu maddədə keçmiş Prezidentə və onun həyat yoldaşına ömürlük diplomatik pasportun verilməsi də öz əksini tapmışdır. Təbii ki, bu da keçmiş prezidentlərin sonrakı dövrdə müəyyən ictimai-siyasi fəaliyyətlə məşğul olması ilə bağlıdır.
12-ci maddə keçmiş Prezidentin şəxsi arxivinin saxlanmasına həsr olunub. Rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.
Hörmətli millət vəkilləri, Konstitusiya qanununun layihəsi hazırlanarkən və komitədə müzakirə olunarkən əsas polemika predmetlərindən biri qanunun 1-ci və 11-ci maddələri ilə bağlı olmuşdur. Həm işçi qrupunda, həm də komitədə bu məsələlər, yəni bu Konstitusiya qanununun hansı keçmiş prezidentlərə şamil olunması ilə bağlı fikir mübadiləsi olmuşdur.
Hamınıza məlumdur ki, 1990-cı illərin əvvəllərində baş vermiş siyasi hadisələr çoxdan özünün siyasi-tarixi qiymətini almışdır. Bir neçə gün bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı keçirilmiş Milli Məclisin təntənəli iclasında da biz o dövrün ictimai-siyasi və tarixi hadisələrinə bir daha qayıtdıq və fikir mübadiləsi apardıq.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ilk dövrlər Prezident olmuş şəxslər, təəssüf ki, xalq və dövlət qarşısında öz tarixi məsuliyyətini dərk edə, ölkəni layiqincə idarə edə bilməmişlər. Ancaq Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda dövlətçiliyi böhran və məhv olmaq təhlükəsindən qurtarmış oldu. Məhz Heydər Əliyevin prezidentliyi dövründə müasir Azərbaycan dövlətinin təməli qoyuldu. Təsadüfi deyil ki, belə misilsiz xidmətlərinə görə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixində və xalqımızın qəlbində, sadəcə, keçmiş Prezident kimi yox, xalqımızın ümummilli lideri kimi əbədi qalmışdır.
Hörmətli həmkarlar, mən hesab edirəm ki, bu gün biz yaxın tariximizə düzgün siyasi-hüquqi qiymət verməklə yanaşı, ölkəmizdə həyata keçirilən demokratik islahatlara da münasibət bildirməli, bu islahatları inamla davam etdirməliyik. Müzakirənizə təqdim olunmuş bu Konstitusiya qanununun bir sıra müddəaları məhz həyata keçirilən siyasi islahatların tərkib hissəsidir.
Bu Konstitusiya qanununun böyük hüquqi və siyasi əhəmiyyəti vardır. Əvvəllər prezident vəzifəsi tutmuş şəxslərin və onların ailə üzvlərinin təminatı və toxunulmazlığını müəyyən edən belə bir qanun Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına xidmət edəcəkdir. Bu qanun həmçinin cəmiyyətimizin siyasi həyatında mövcud olan sivil qaydaların, siyasi dialoqun və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir və bundan ötrü zəruridir.
Hörmətli millət vəkilləri, inanıram ki, siz parlamentin qanunvericilik təşəbbüsü ilə irəli sürdüyü bu Konstitusiya qanununun müddəalarını müdafiə edəcək və ona səs verəcəksiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə yazılın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid Əhmədov buyursun. Sualı var.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Çıxışlara, yəqin, çox millət vəkilləri yazılacaq. Bu başdan mən Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunduğu dövrdə belə bir qanun layihəsini müzakirəyə çıxardığınıza görə cənab Prezidentə və Sizə, Oqtay müəllim, öz dərin minnətdarlığımı bildirirəm. Amma bilirsiniz, mətbuatda da bu barədə geniş mübahisələr gedir, müəyyən mövqelər ortaya qoyulur. Burada cəmiyyəti maraqlandıran əsas məsələ Azərbaycanın 1991-ci ildən bu yana seçilən prezidentlərinin, yəni konkret olaraq Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin taleyidir. Bu qanun layihəsi bu iki şəxsə aiddir, ya aid deyil? Mən istəyirəm ki, Əli müəllim çıxışlar başlamamışdan qabaq bu suala cavab versin, bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Çünki bu qanunu hər cür təfsir etmək olar. Bu iki prezident hakimiyyətdən impiçment vasitəsilə kənarlaşdırılmayıb. Ona görə də mən bilmək istərdim, bu qanun layihəsi bu iki prezidentə aiddir, ya aid deyil? Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, buyur.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Təbii ki, Konstitusiya Qanununda mücərrəd heç nə ola bilməz. Sadəcə, ona diqqətlə baxmaq lazım idi. Mən Konstitusiyanın 107-ci maddəsinin üzərində təsadüfən dayanmadım. Qeyd etmək istəyirəm ki, bu qanunun təsir dairəsindəki yeganə məhdudiyyət Konstitusiyanın 107-ci maddəsində nəzərdə tutulmuş hal, yəni Prezidentin impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmasıdır. Əvvəllər Prezident olmuş şəxslər bu qaydada vəzifədən kənarlaşdırılmayıblar. Ona görə də bu Konstitusiya qanununun layihəsi əgər qəbul olunarsa, onlara da şamil olunacaq.
Sədrlik edən. Mən də bir əlavə edim ki, lap konkret olsun. Bu qanun bütün keçmiş prezidentlərə şamil olunacaq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, mən ilk növbədə Sizin giriş nitqinizdəki fikirlərinizə qayıtmaq istərdim. Həqiqətən, bu gün Azərbaycanın BMT-də Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi cəmiyyət tərəfindən də çox böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki Azərbaycanın xarici siyasi xətti özünün növbəti bir tribunada təsdiqini tapıbdır. Bu, cənab Prezidentin dünən qeyd etdiyi kimi, bizim etibarlı tərəfdaş statusumuzun həmin qurumlar tərəfindən daha bir etirafıdır. Bu, həm də Azərbaycanın gələcək dövrə hədəflənən siyasi və digər planlarının həyata keçirilməsi üçün mühüm bir müstəvidir. Mən əminəm ki, bu diplomatik uğur, xarici siyasətimiz üçün bu mühüm hadisə Qarabağda da qarşıdakı qələbələrimiz üçün mühüm bir zəmin olacaqdır.
Bircə cümlə də əlavə eləyim, sonra məsələyə keçəcəyəm. Uzun illər boyu Azərbaycan cəmiyyətində məhz BMT-nin dişsiz qurum olması, ciddi mexanizmlərə malik olmaması barədə fikir yaranıb. Bu da inkarolunmazdır. Amma o qətnamələrin icra olunmaması o demək deyil ki, bu dövr ərzində biz onlardan fayda götürməmişik. Ermənistanı beynəlxalq miqyasda ATƏT, Avropa Şurası, BMT və digər nüfuzlu təşkilatlarda diplomatik küncə sıxmaq üçün həmin qətnamələr ötən dövr ərzində bizə çox böyük imkanlar açıbdır. Qalıb bunun icrası üçün addımlar atılması. Mən hesab edirəm ki, Azərbaycanın əldə etdiyi bu tribuna elə imkanları açacaqdır.
Cənab Sədr, müzakirəmizə verilmiş qanun layihəsi ilə əlaqəli başlıca fikrim ondan ibarətdir ki, bu, dövlət quruculuğu sistemi üçün mühüm bir ənənənin yaradılmasıdır. Ölkənin ən ali məqamına yüksələn şəxsin sonrakı statusunun müəyyənləşdirilməsi və gələcək həyatının təmin olunması, məncə, hər bir xalqın böyüklüyünün göstəricisidir. Bu həm də həmin sahədə dövlətçilik ənənəsinin özülünün qoyulması deməkdir.
Hörmətli Əli müəllimin qeyd elədiyi kimi, digər dövlətlərin də eks-prezidentlərin statusu və təminatı ilə bağlı qanunvericilik aktları vardır. Bu mənada belə bir qanunun bizdə də qəbul olunması mütərəqqi hadisədir. Mənə elə gəlir ki, kimsə buna qarşı çıxmaz. Ən azı ona görə ki, bu, Konstitusiyanın mühüm müddəasıdır, xalqdan səs alıb.
Lakin mən çox istərdim ki, elə birinci addımda bu məsələ ilə bağlı həmkarlarımda bir aydınlıq olsun. Ən azı mən subyekt olaraq belə düşünürəm. Biz bu sənədi amnistiya aktına çevirə bilmərik. Belə bir aktın və ya əfv fərmanının qəbul edilməsi müstəsna olaraq cənab Prezidentin səlahiyyətidir. Ona görə də biz münsif rolunda çıxış eləməli olsaq, – mən bu fikri ötən dəfə müstəqilliyin 20 illiyinə həsr olunmuş parlament iclasında da söylədim, – tarixə daha real hüquqi-siyasi qiymət verməliyik. Bu qiymət mənim tərəfimdən belə görünür. Təbii ki, buna qarşı çıxanlar da olacaqdır. Mən hesab edirəm, Prezident olmalısan ki, eks-prezident statusunu əldə edəsən. O statusu o dövrdə qazana bilməyənlərə müxalifətlə dialoq, həmrəylik, siyasi barış naminə eks-prezident adı ilə Azərbaycan tarixində yer qazandırmaqla biz çox təhlükəli ənənəyə yol açmış olarıq. Gələcək 2050-ci ilin, 2060-cı ilin Azərbaycan Prezidenti düşünəcək ki, bir Ayaz Mütəllibov nümunəsi də var. Əvvəla, Ayaz Mütəllibov SSRİ dönəmində Prezident seçilib. İkincisi, burada yazılıb: “Azərbaycan Konstitusiyasına uyğun olaraq”. O Konstitusiya Azərbaycan SSR-in Konstitusiyası idi. Başqa tərəfdən də axı bu gün parlamentdən daha yüksək, ədalətli qiymət istəyən qüvvələr, – bunu daha çox müxalifət eləyir öz mətbuatında, – guya bu qanunun məxsusi olaraq bir-iki şəxsə tətbiq olunacağından danışırlar. Onlar Mütəllibovu Prezident kimi tanımayıblar. Mən çox maraqlanıram, o qüvvələrin bu məsələdə mövqeyi necədir? Onlar Mütəllibovu Prezident kimi tanıyırdılarsa, onda etiraf eləsinlər ki, onu deviriblər və buna görə də məsuliyyət daşısınlar. Amma mən elə hesab edirəm ki, o dövrdə bunlar xalqdan gələn böyük etiraz dalğasının önünə çıxaraq Mütəllibovun, əslində, Azərbaycanın müstəqilliyinə mane olan bir şəxsin üzərinə gediblər.
Bu məsələdə bir arqument səslənir. Ona çoxdandır cavab vermək istəyirəm. Şükür olsun ki, belə bir məqam yarandı. Deyirlər ki, Konstitusiya Aktını Mütəllibov imzalayıb. Bu, bilirsiniz, Əhmədinejadın Azərbaycan əsilli, amma İran Prezidenti olması qədər heç bir siyasi önəm daşımayan, heç bir əhəmiyyəti olmayan formal bir akt, formal bir hadisədir. Ona görə mən elə hesab edirəm ki, biz bu qanunla əlaqəli məsələlərə qiymət verərkən yeni tarix yazmalı deyilik. Əgər Azərbaycanın tarixindən danışırıqsa, o tarixə obyektiv qiymət verməliyik. Bəzən mətbuatda iddia edirlər ki, guya bu qanun yalnız bir adama – ulu öndərə tətbiq olunacaq. Amma ulu öndərin bu qanun layihəsinə ehtiyacı yoxdur. Bunu mən səmimiyyətlə, bir siyasi fikir kimi söyləyirəm. Ulu öndərin adını, irsini, dövlət quruculuğu sistemini, ənənəsini qorumaq üçün Azərbaycan xalqının ürəyi, mənəviyyatı, mövqeyi yetərlidir. Amma kimsə bu qanuna sığınaraq, Azərbaycanın idarəçilik sistemində eks-prezident kimi yer almaq istəyirsə, çox yanılır. Çünki bir daha deyirəm, Prezident olmaq lazım idi, o məsuliyyəti yerinə yetirmək lazım idi ki, sonrakı dönəmdə o adı qazanasan.
Hörmətli həmkarlar, əlbəttə, bu qanunun qəbulundan sonra cənab Prezidentin onun icraya yönəldilməsi ilə bağlı fərmanı olacaq və bu qanunun kimlərə yönəldilməsini o müəyyənləşdirəcək. Amma bəri başdan söyləyirəm, əgər bu müddəa olduğu kimi qalacaqsa, mən bu məsələnin əleyhinə səs verəcəyəm. Çünki bu, bir siyasi kimlik məsələsidir. Əgər Ayaz Mütəllibovun üzərində cinayət maddəsi hələ də qalırsa və biz bu qanunla onun üzərindən cinayət məsuliyyətini götürürüksə, Azərbaycanda bu bir hüquqi nihilizm yaradacaq. Necə ola bilər ki, bir qanun cinayət məsuliyyəti yaradan digər müddəaların üzərindən xətt çəksin? Doğrusu, mən hüquq tariximizdə belə bir hadisə tanımıram.
Hörmətli dostlar, mən bir fikri də vurğulamaq istəyirəm. Məncə, həmin sənədə şərəf və ləyaqətin qorunması ilə də bağlı bir müddəa salınmalıdır. Qeyd etdiyimiz kimi, bu qanunun digər insanlara şamil olunmayacağı təqdirdə həmin müddəanın bu sənəddə yer almağını çox istəyirəm.
Bütövlükdə götürdükdə mən düşünürəm ki, biz Azərbaycanın dövlətçilik irsini, onun varisliyini, ənənəsini hər zaman qoruyub saxlamağa çalışmalıyıq. Əlbəttə, biz də çox istəyirik ki, hər növbəti Prezident özündən əvvəlki prezidentlərin son dərəcə mütərəqqi ideyalarını, dövlətçilik addımlarını, fərman və digər hüquqi qərarlarını həyata keçirməkdə maraqlı olsun, bunun üçün dövlət Amerikadakı kimi oturuşmuş sistemə malik olsun. Biz bunu çox arzulayırıq. Amma biz nə edək ki, bu, yalnız ulu öndərlə başlayıb. Başqa tərəfdən də, mənə elə gəlir ki, o insanlar bu statusdan faydalanacaqlarını gözləyirlərsə, çox yanılırlar. Mən elə hesab edirəm ki, Əli müəllimin verdiyi şərh bu qanunun ümumi ruhunda özünü çox da göstərmir. Əgər Əli müəllimin dediyi kimi olacaqsa, mən bu sənədə səs verməyəcəyəm, amma başqa xarakterdə belə bir qanunun vacibliyini mən qeyd edirəm. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 5 dəqiqə olsun. Zahid Oruc çıxışında bir məsələyə toxundu, dedi ki, o vaxt Konstitusiya Azərbaycan SSR-in Konstitusiyası idi. Halbuki 1991-ci ildə Konstitusiyamız artıq Azərbaycan SSR-in yox, Azərbaycan Respublikasının Konstitusiyası adlanırdı. “SSR” sözü oradan çıxarılmışdı. O Konstitusiya ilə biz 1995-ci ilə kimi işləmişik. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu, kifayət qədər mübahisə doğuran, kifayət qədər fikirlərin toqquşduğu bir məsələdir. Ona görə çox xahiş edirəm, bir-birimizə hörmətlə yanaşaq, təmkinli münasibət bəsləyək və bir-birimizi eşitməyi bacaraq.
Əlbəttə, mən də sözümü Azərbaycan diplomatiyasının əldə etmiş olduğu böyük uğurla başlamaq istəyirəm. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməlidir. Bu uğur, şübhəsiz ki, ölkə Prezidentinin xarici siyasətinin məntiqinə söykənir. Mən Azərbaycan xalqını, ölkə Prezidentini və bu yolda əziyyət çəkən, bu prosesdə fəal iştirak eləyən bütün diplomatları bu uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Təqdim edilmiş qanun layihəsi komitədə müzakirə olunarkən mən xüsusi rəy, xüsusi fikirlə çıxış etdim və komitədə bu layihənin əleyhinə səs verən yeganə şəxs mən oldum. Orada mənim də qaldırmış olduğum suallara konkret cavab tapa bilmədiyimə və bu qanunun tətbiqi məsələsində mənim söykənmiş olduğum siyasi dəyər və prinsiplərə uyğun gəlməyən bəzi məqamlar olduğuna görə komitədə onun əleyhinə səs verdim. Bütövlükdə mən belə bir qanunun qəbul edilməsinin zəruriliyini başa düşürəm və qəbul edirəm. Belə bir qanun olmalıdır və biz onu qəbul etməliyik. Bu, Azərbaycanın dövlətçilik ənənələrinin yaranmasında və inkişafında xüsusi əhəmiyyət kəsb edən qanundur və düşünürəm ki, buna hər birimiz bu cür də yanaşırıq.
Lakin bu qanunun tətbiqi məsələsində kifayət qədər mübahisəli məqamlar var. Mən dəfələrlə söyləmişəm, indi də təkrar edirəm ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının varisi deyil və Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist Respublikası dövründə o dövrün qanunlarına uyğun olaraq Prezident seçildiyinə və həmin qanunlar indiki Azərbaycanda tətbiq edilmədiyinə görə bu qanun Ayaz Mütəllibova tətbiq oluna bilməz. Deyirlər ki, sonrakı dönəmdə Ayaz Mütəllibov Azərbaycanın Prezidenti olub. Onda gəlin 1995-ci ilə qədər fəaliyyət göstərən Azərbaycan Respublikası Ali Sovetinin deputatlarına da indiki deputatların statusunu verək. Artıq bu məntiq ortalığa gəlir. Digər tərəfdən Ayaz Mütəllibovun üzərində ağır cinayət işləri var. Azərbaycan hüquqi dövlətdir, bu cinayət işlərinə hüquqi müstəvidə aydınlıq gətirilməlidir. Ona bəraət verilməsi üçün bu qanuna deyil, hüquqi dövlətin söykəndiyi prinsiplərə uyğun olaraq tədbirlər görülməli, addımlar atılmalıdır.
19 il Azərbaycandan kənarda olan, cinayət məsuliyyəti daşıdığına görə Azərbaycana gələ bilməyən, həm Azərbaycan Xalq Cəbhəsi, həm də 1993-cü ildən sonrakı hakimiyyət dövründə cinayət məsuliyyətinə cəlb edilən bir adamın cinayət məsuliyyətini bir qanunla üstündən götürüb onu eks-prezident edirik. Bu cür praktika hansı bir ölkənin tarixində olub ki, indi biz onu təkrarlayırıq? Azərbaycan bununla yeni bir xoşagəlməz, kifayət qədər mübahisəli bir praktikanı ortalığa qoyur.
Başqa bir tərəfdən, Ayaz Mütəllibovun seçkiləri Naxçıvan Muxtar Respublikasında rəsmi şəkildə, qərarla boykot olunub. Orada seçkilər keçirilməyib. İndi muxtar respublikada Ayaz Mütəllibovun eks-prezident statusu qəbul oluna bilməz, çünki orada Prezident seçilməyib ki, indi ona orada eks-prezident deyilsin.
Kifayət qədər mübahisəli məsələlər var. Ona görə də mən düşünürəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir. Mən Ayaz Mütəllibovun Azərbaycana gəlməsinin əleyhinə deyiləm, gəlsin. Amma onun gəlişi üçün əvvəlcə hüquqi addımlar atılsın, üstündən cinayət işləri götürülsün. Ondan sonra o, Azərbaycanda yaşasın, ömrünü Azərbaycanda başa vursun. Mən bunun tərəfdarıyam. Lakin bu qanunun tətbiqində biz bu cür səhvlərə yol versək, tarix bizi qınayacaq.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də Azərbaycan diplomatiyasının qazandığı böyük uğur münasibətilə, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə hər şeydən əvvəl bütün bu işlərin başında duran Azərbaycan Respublikasının Prezidentini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. İnanıram ki, bu, Azərbaycanın uğurlarının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Konkret məsələ ilə əlaqədar onu bildirmək istəyirəm ki, bu gün Azərbaycan parlamentində son illərin ən həssas qanun layihələrindən biri müzakirə olunmaqdadır. Bu müzakirələr prosesində biz Azərbaycanın son 20 illik tarixinə bir daha baxmalı oluruq. Əlbəttə, mən heç arzu eləməzdim ki, bu gün burada son 20 illik tariximizə yenidən baxmaqla, onu yenidən yazmaq təşəbbüsündə bulunaq.
Konkret olaraq mən bütövlükdə belə bir qanunun qəbul olunmasının əleyhinə deyiləm. Güman edirəm ki, bu cür iddiada bulunmaq da heç yerində olmazdı. Mən o fikirlərlə razılaşıram ki, dünyanın bütün sivil cəmiyyətlərində eks-prezidentlərin hüquqi vəziyyətini müəyyənləşdirən qanunlar var və bu qanunlar həmin ölkələrdə siyasi barış üçün, sivil siyasi münasibətlərin qurulması üçün əhəmiyyətli rol oynayır. Bu mənada Azərbaycanda da belə bir qanunun qəbul olunması tamamilə yerinə düşür və buna böyük ehtiyac var.
Təbii ki, hər bir qanun və xüsusilə də eks-prezidentlər haqqında qanun ümumi müddəaları müəyyənləşdirməklə yanaşı konkret məna kəsb edir. Çünki o, konkret insanlara şamil edilir. Belə olan halda eks-prezidentlər haqqında qanunun konkret olaraq kimlərə və hansı şəkildə tətbiq edilməsi sualı ortaya çıxır.
Burada Azərbaycan Konstitusiyasının 104-cü və 107-ci maddələrinin müddəalarına istinad edildi. Doğrudanmı, bu qanun Azərbaycanın keçmiş prezidentlərinin hamısına məhz bu müddəalar çərçivəsində tətbiq edilə bilər? Məsələn, Ayaz Mütəllibov Azərbaycan Respublikasının prezidentliyindən istefa verdikdən 3 ay sonra zorla prezidentliyi öz əlinə almaq cəhdi edib və buna görə də vəzifədən kənarlaşdırılıb. İndi Ayaz Mütəllibov öz ərizəsi ilə istefaya getmiş Prezident sayılacaq, yoxsa vəzifədən kənarlaşdırılmış Prezident hesab olunacaq? Onun statusunu müəyyən etmək üçün 104-cü, yoxsa 107-ci maddə tətbiq ediləcək? Mən belə hesab edirəm ki, biz emosiyalara qapılaraq yox, məsələni hüquq müstəvisinə gətirməklə bu məsələlərə öz münasibətimizi bildirməliyik.
Ayaz Mütəllibov iki hökumətin yanaşması əsasında çox ciddi cinayət törətmiş bir şəxs kimi 20 il ərzində mühacirət həyatı yaşamağa məhkum olub və bu gün də yaşamaqdadır. Biz bu Konstitusiya qanununu qəbul eləməklə bütün bu məsələlərə münasibətimizimi dəyişirik, yoxsa sadəcə olaraq, bu cinayəti törətmiş və ya törətmiş kimi sayılan insan əfv edilir? Mən hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməli, bu da özünün konkret şərhini tapmalıdır. Bundan sonra qanunun hansı şərtlər daxilində tətbiq edilməsi aydınlaşa bilər.
20 illik tariximizin bu şəkildə yenidən dəyişdirilməsi bəl-kə də düzgün olmazdı. Mən belə hesab edirəm ki, Azər-baycan vətəndaşları 20 il ərzində baş verən hadisələrin bugünkü nəticəsini məhz Heydər Əliyevin və ondan sonra İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq qiymətləndirirlər. Buna görə də yenə deyirəm, bu məsələni biz emosiyalara qapılmadan hüquq müstəvisində həll etməliyik.
Mən düşünürəm ki, bu qanun qəbul olunmalıdır. Qanunun tətbiq edilməsi məsələsinə gəldikdə isə, mənim fikrimcə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu qanunun müəyyənləşdirdiyi müddəaların konkret olaraq hansı şərtlər daxilində, kimlərə tətbiq oluna biləcəyi məsələsinə öz rəyi ilə aydınlıq gətirməli, yəni 104-cü və ya 107-ci maddə ilə tövsif edilməsi məsələsinə münasibətini bildirməlidir.
Nəhayət, qanunun adı ilə əlaqədar qeyd eləmək istəyirəm ki, burada keçmiş prezidentlərin təkcə təminatı yox, həm də statusu məsələsi...
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr! Mən də ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Sizi və bütün deputat həmkarlarımı təbrik edirəm. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi bu böyük nailiyyət xarici siyasətimizin qələbəsi və xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gecəli-gündüzlü zəhmətinin, səyinin, möhkəm iradəsinin nəticəsidir.
İndi müzakirə etdiyimiz qanunun ətrafında məndən əvvəl çıxış edən natiqlər tərəfindən müxtəlif fikirlər səsləndirildi. Əlbəttə, hər bir deputat şəxsi fikrini söyləyir. Mən bu fikirlərin hamısına hörmətlə yanaşıram. Lakin biz bir məsələni unutmamalıyıq. Heydər Əliyev tərəfindən müəyyən olunan böyük siyasətin əsasında həmişə humanizm prinsipləri durmuş, onun tərəfindən çox humanist addımlar atılmışdır.
Bu gün hörmətli Əli müəllim məruzə etdi və bu qanun haqqında çox geniş məlumat verdi. Mən bu qanunda və Əli müəllimin çıxışında, eləcə də yerdən verilən suallara onun cavablarında bir mürəkkəblik, qeyri-müəyyənlik, qaranlıq bir cəhət görmədim. Mənim fikrimcə, bu qanunun qəbul olunması Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində irəliyə doğru atılan daha bir addımdır. Ona görə də mən hesab edirəm ki, onun müzakirəyə çıxarılması tamamilə təbiidir. Mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E. Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən bəri başdan deyirəm ki, bu qanuna ancaq o şərtlə səs verəcəyəm ki, ona belə bir bənd əlavə olunsun: “Keçmiş Prezident prezidentlik səlahiyyətlərini icra etdiyi dövrdə Konstitusiya ilə üzərinə düşən vəzifələri axıra qədər, tam, ləyaqətlə yerinə yetirmiş şəxsdir”. Belə bir bənd olmayacaqsa, təbii ki, mən bu qanunun əleyhinə səs verəcəyəm.
20 il ərzində bu parlament binasında Ayaz Mütəllibovla bağlı bəlkə yüzlərlə sənəd, qərar qəbul olunub, bildirilib ki, Ayaz Mütəllibov prezidentliyi dövründə məsuliyyətsizlik edib, vəzifəsinin öhdəsindən gələ bilməyib, onun məsuliyyətsizliyi, laqeydliyi, hərəkətləri və ya hərəkətsizliyi nəticəsində Xocalı qırğını baş veribdir.
Mənim və xocalıların Ayaz Mütəllibova qarşı bir qərəzimiz, düşmənçiliyimiz yoxdur. Biz demirik ki, Ayaz Mütəllibov Xocalıda qırğın törədib. Xeyr. Ayaz Mütəllibov Prezident kimi vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirə bilmədiyi üçün, fəaliyyətsiz olduğu üçün o qırğının baş verməsində məsuliyyət daşıyır, günahkardır. Bunu mən demirəm. Bunu Azərbaycan Respublikası Ali Sovetinin deputat istintaq komissiyasının arayışları, qərarları deyir, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupunun istintaq materialları deyir, bunu 1997-ci ilin may-iyun aylarında Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi tribunalı tərəfindən keçirilmiş iki aylıq məhkəmə prosesinin son yekun qərarı deyir. Bu sənədlərin hamısında bu məsələdə məsuliyyət daşıyanların sırasında başda Ayaz Mütəllibovun adı yazılıbdır. Vəzifə səlahiyyətlərini icra edə bilmədiyi üçün, vəzifəsinə məsuliyyətsiz yanaşdığı üçün Xocalıda ermənilər tərəfindən törədilən soyqırıma görə onun adı bu cinayət məsuliyyətində hallanır.
İndi bu gün bizim hüququmuz olmasa da, çıxışlarımızdan belə görünür ki, ona bəraət verir, keçmiş Prezident statusu veririk, yaxşı pensiya veririk, mühafizəçilər veririk, maşın veririk və sair və ilaxır. Ayaz Mütəllibov da keflə gəzsin, desin ki, lap yaxşı eləmişəm, əlimin də içindən gəlib. Yəni mən belə hesab edirəm ki, bu məsələdə bir az diqqətli olmaq lazımdır. Biz bu gün bu addımı atsaq, sabah istənilən prezident və yaxud başqa rəhbər vəzifə daşıyan şəxs cinayət də törədər, vəzifəsini də qoyub qaçar, 5–6 ildən də sonra respublikaya gələr, deyər ki, mənə də bu pensiyadan verin. Bir ənənə yaranar belə.
Buna görə mən fikrimi dedim. Yəni layihəyə mütləq belə bir müddəa əlavə olunmalıdır ki, bu qanun o keçmiş Prezidentə şamil oluna bilər ki, prezidentliyi dövründə vəzifə səlahiyyətlərini ləyaqətlə yerinə yetirmiş olsun, heç bir cinayət törətməmiş olsun. Belə olan halda, təbii ki, qanun tamamlanmış hesab olunar. Çox sağ olun.
Sədrlik edən. Elman müəllim, əgər Ayaz Mütəllibov öz səlahiyyətlərini tam həyata keçirə bilsəydi, elə 5 il Prezident qalardı da. Keçirə bilmədi ki, istefaya getdi. Ancaq o, Prezident olub axı. Biz burada qanun qəbul edirik, qanunun mətnində bunlar yazılıb. Elmira Axundova.
E.Axundova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən müzakirəyə çıxarılan Konstitusiya qanununun əhəmiyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, layihənin qəbul olunması ilə biz bu sahə üzrə milli qanunvericiliyimizdəki boşluğun aradan qaldırılmasını təmin edirik. Lakin mənim də bu qanun layihəsi ilə bağlı suallarım var.
Əvvəla, istər-istəməz biz sanki bu qanunun tətbiqini keçmiş prezidentlərin və onların ailə üzvlərinin üzərində sınayırıq. Bu qanunda nəzərdə tutulmuş təminatlar Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq prezident səlahiyyətinə xitam verilmiş şəxsə şamil edilir, lakin Konstitusiyanın 107-ci maddəsi ilə prezident vəzifəsindən kənarlaşdırılmış şəxsə şamil olunmur. Mən bunu tamamilə əsaslı və ədalətli hesab edirəm. Çünki 104-cü maddəyə görə Prezident vəzifədən səhhəti ilə əlaqədar könüllü getdiyi halda 107-ci maddəyə görə Prezidentə Milli Məclis və xalq etimadsızlıq göstərir.
Lakin bu müddəaları real həyata tətbiq etdikdə bir sıra məntiqsizlik ortaya çıxır. Belə ki, eks-prezidentlərdən biri olan Ayaz Mütəllibov hal-hazırda axtarışdadır. Biz 20 ildir hüquq mühafizə orqanlarının açıqlamalarından bilirik ki, o, ağır dövlət cinayətlərində təqsirləndirilir və buna görə Moskvada sığınacaq tapıb. Digəri, yəni mərhum Əbülfəz Elçibəy isə vəfat edib, sağlığında heç bir cinayət törətməyib. Ona görə də vəzifədən gedəndən sonra əvvəl Naxçıvanda, sonra isə Bakıda sərbəst yaşayıb, siyasi fəaliyyətlə məşğul olub. Lakin bu qanuna görə Ayaz Mütəllibova bütün təminatlar şamil olunacaq, çünki onun vəziyyəti Konstitusiyanın 104-cü maddəsinin təsir dairəsinə düşəcək, Elçibəy isə Milli Məclis tərəfindən vəzifədən kənarlaşdırılmış, daha sonra 1993-cü ilin sentyabr ayında onunla bağlı referendum keçirilmiş və faktiki olaraq xalq tərəfindən ona etimadsızlıq göstərilmişdir. Nəticə etibarilə Elçibəyin vəziyyəti de-yure Əli Hüseynovun dediyinin əksinə olaraq Konstitusiyanın 107-ci maddəsinin təsir dairəsinə düşür və ona münasibətdə bu qanunun güzəştləri tətbiq edilməməlidir.
Bir sualım da ondan ibarətdir ki, bu qanunun qəbul olunması ilə Ayaz Mütəllibovun cinayət təqibi dayandırılacaqmı? Onun üzərindən ittihamlar götürüləcəkmi? Mən həmkarım Əli Əhmədovla tamamilə razıyam ki, bütün bu çətin suallara Konstitusiya Məhkəməsi aydınlıq gətirməlidir və bundan sonra biz bu Konstitusiya qanununa baxa bilərik.
Yenə təkrar edirəm, mən bu qanunun Konstitusiyanın 104 və 107-ci maddələri ilə bağlı müddəalarını nəzəri cəhətdən tamamilə doğru və məntiqli hesab edirəm. Lakin qanunda əks olunmuş imtiyazların, xüsusilə də pensiyanın milli həmrəylik naminə hər iki prezidentə, onların ailələrinə şamil olunmasının tərəfdarıyam.
2.1-ci maddə ilə bağlı bir təklifim var. Bu maddədə qeyd olunur ki, eks-prezidentlərə əmək haqqının 50 faizi məbləğində təqaüd ayrılır. Əgər Prezident dövlət qulluqçusu sayılırsa, ona da eyni qanunlar şamil olunmalıdır. Belə ki, müəyyən xidmət müddətindən sonra dövlət qulluqçusu pensiya qismində əmək haqqının 80 faizini alır. Təklif edərdim ki, burada da fərq qoyulsun, qeyd olunsun ki, vaxtından əvvəl vəzifədən getmiş Prezidentə əmək haqqının 50 faizi, vəzifəsini sonuna qədər icra etmiş Prezidentə əmək haqqının 80 faizi həcmində pensiya verilir.
İmtiyazlardan bəhs edən hissədə mən bir bəndi də əlavə edərdim. Eks-prezidentə və onun ailə üzvlərinə dövlət bağlarında ömürlük yer, yəni mənzil ayrılsın. Başqa ölkələrin qanunlarında, məsələn, Rusiyanın müvafiq qanununda belə müddəalar var.
Bununla yanaşı, mən “keçmiş Prezident” ifadəsi ilə bağlı iradımı da bildirmək istərdim. Düşünürəm ki, keçmiş Prezident olmur, “keçmiş” sözü bir az kobud səslənir, köhnəlmiş mənasını ifadə edir. Məsələn, mənim üçün Heydər Əliyev həmişə 1993–2003-cü illər üçün Azərbaycanın Prezidenti olaraq qalacaq. Mənim dilim gəlməz ki, ona keçmiş Prezident deyim. Buna görə düşünürəm ki, həmin ifadəni, məsələn, “eks-prezident”, “fəaliyyətdə olmayan Prezident” və sair kimi ifadələrlə əvəz etmək olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli millət vəkilləri! Çox təşəkkür edirəm ki, Azərbaycanda çoxdan gözlənilən belə bir qanun layihəsini Milli Məclisin müvafiq komitəsi və Milli Məclis rəhbərliyi müzakirəmizə təqdim edib. Bu qanun layihəsinin hüquqi tərəflərinə müxtəlif aspektlərdən yanaşaraq gələcəkdə onun kimlərə hansı dərəcədə şamil olunacağı ilə bağlı mübahisə açan tərəflər var. İlk növbədə onu qeyd edim ki, hörmətli cənab Sədr, həm Sizin, həm də hörmətli Əli bəyin çıxışında “bu hər üç prezidentə şamil olunacaq” ifadəsi Azərbaycanda barış cəmiyyətinin yaradılması istiqamətində mühüm bir addımın atıldığını əks etdirən olduqca uğurlu bir ifadə idi. Hesab edirəm ki, Milli Məclis bu qanunu qəbul edərsə, vəzifə səlahiyyətlərini icra edib-etməməsindən asılı olmayaraq keçmiş prezidentlərin hamısına Azərbaycanda hörmət və sayğı ilə yanaşmanın, ölkəmizdə siyasi dialoqun və siyasi qüvvələr arasında münasibətlərin yeni bir mərhələsi başlaya bilər.
Təbii ki, Azərbaycanda eks-prezidentlərə münasibətdə fərqli siyasi yanaşmalar var. Bu siyasi yanaşmalar bu gün fərqli siyasi partiyalara mənsubiyyətdən də, ayrı-ayrı prezidentlərin hərəkətlərinə və addımlarına fərdi baxışlardan da formalaşa bilir. Amma mahiyyət birdir. Azərbaycan elə bir dövrə gəlib çıxmalıdır ki, ölkədə dialoq, barış mühiti cəmiyyətin bütün sferalarını əhatə etsin. Mən bu qanunun siyasi yükünü və mahiyyətini bunda görürəm. Hesab edirəm ki, bu qanunun əsl mahiyyəti, əslində, bundan ibarətdir.
İndi burada keçmiş cinayətlər barədə də danışdılar, Respublika Prokurorluğunun istintaq materiallarını da yada saldılar və sair. Bəli, bu qanun sonda hamısına xitam verməlidir. Azərbaycan əgər ən qatı cinayət törətmiş və cinayəti məhkəmə tərəfindən təsdiq olunmuş adamlara əfv fərmanı tətbiq edə bilirsə, eks-prezidentlə bağlı işə niyə xitam verməsin?
Respublikada müstəqillik dönəmində cəmi dörd prezident olubsa və onların da bu gün üçü haqqında bir qərar verilirsə, hesab edirəm ki, biz bunu çox ciddi bir siyasi addım kimi qəbul etməliyik. Bu, istər Ayaz Mütəllibova, istər mərhum Əbülfəz Elçibəyə, istərsə də mərhum Heydər Əliyevə bu və ya digər şəkildə şamil olunmalıdır.
Bəli, ola bilsin ki, Ayaz Mütəllibovun da, Əbülfəz Elçibəyin də vəzifələrini tam yerinə yetirməməsi Azərbaycan vətəndaşlarında, siyasi partiyalarda, siyasi mövqeyi fərqli olan insanlarda bir fərqli münasibət formalaşdırır. Amma yenə deyirəm, bunların hamısı aradan qaldırılmalı və qanun bu prezidentlərin hər üçünə şamil olunmalıdır. Güman edirəm ki, Azərbaycan Milli Məclisi bu addımı atacaq. Bu, barış addımıdır, bu, Azərbaycanda vətəndaş sülhünün, dialoq mühitinin, siyasi mədəniyyətin yeni bir formasıdır və güman edirəm, bu formanı biz Milli Məclisdə təsdiq edib, cəmiyyətə yeni bir addım nümayiş etdirəcəyik.
Təbii ki, burada Elmira xanımın 2-ci maddə barədə dediyi fikirlə mən də razıyam. Eks-prezidentin pensiyası fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50 faizi yox, 80 faizi məbləğində olmalıdır. Bunlar Azərbaycanda barmaqla sayıla biləsi adamlardır və gələcəkdə də belə olacaq. Biz tariximizə də, gələcəyimizə də, bizə rəhbərlik etmiş insanlara da hər zaman, hər bir dönəmdə onların səhvlərindən asılı olmayaraq hörmətlə, sayğı ilə yanaşmağı bacarmalıyıq.
Mən Milli Məclisi emosiyanı, siyasi mövqeyi və sairi kənara qoyub cənab Sədrin və komitə sədri hörmətli Əli bəyin dediyi kimi, bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M. Qasımlı. Hörmətli millət vəkilləri! Təqdim edilən qanun layihəsini ölkəmizin demokratikləşdirilməsi, güclü dövlətçilik ənənələrinin formalaşdırılması və millətimizin bir-birinə qucaq açaraq inkişaf etməsi baxımından müsbət qiymətləndirirəm. Mən hesab edirəm ki, bu qanun layihəsi siyasi, şəxsi mövqelərdən deyil, gələcək dövlətçilik ənənələrimizin qurulması baxımından qiymətləndirilməlidir.
Amma hörmətli cənab Sədr, bu qanun layihəsinin cəmiyyətimizdə düzgün başa düşülməsi baxımından bəzi məsələlərə diqqət yetirilməsini vacib hesab edirəm. Bu qanun layihəsinin iki tərəfi var. Birinci tərəfi onun lazım olub-olmamasıdır. Heç şübhəsiz, lazımdır. Bizim dövlətçilik ənənələrimiz üçün lazımdır. İkinci tərəfi onun kimlərə tətbiq olunmasıdır. Burada mübahisələr ola bilər. Müxtəlif ölkələrin təcrübəsindən misallar gətirmək istəyirəm. Avropada bir zamanlar krallar qadın paltarı geyinərək qaçdılar. Çilidə Salvador Alyende prezident iqamətgahında avtomatı əlinə aldı, döyüşdü və öldürüldü. Bəziləri dedi, qəhrəmandır, bəziləri dedi, qan tökdü. Yenə də siyasi baxışlar ortaya gəldi. İranda şah qaçdı. Ərəb ölkələrində çoxlu nümunələr var.
Fikrimcə, Azərbaycanda birinci və ikinci prezidentlər istefaya gedərkən bəyanat verməli və istefanın motivlərini izah etməli idilər. Bəyanat bunun üçündür. Bəyanat verməyərək hakimiyyətdən gedən dövlət rəhbəri həm öz adına tarixdə kölgə salır, həm tərəfdarlarını çıxılmaz vəziyyətdə qoyur, həm də xalqı ağır vəziyyətə salır. Bu bizim tariximizdir. Əlbəttə, bu insanları tariximizdən çıxartmaq, silmək mümkün deyil. Amma onlara bəraət qazandırmaq da mümkün deyil. Kim necə adlandırırsa, adlandırsın, dövlət başçısının, xalqın rəhbərinin vəzifədən qaçması, getməsi pis haldır və tarix buna bəraət qazandıra bilməz. Əminəm ki, bundan sonrakı bütün tariximizdə onların təcrübəsindən heç vaxt heç kim istifadə etməyəcək. Çünki hakimiyyətə gələn hər hansı bir dövlət rəhbəri xalqını və dövlətini gücləndirib inkişaf etdirməkdən ötrü özündən əvvəlki güclü dövlət rəhbərinin irsinə, praktikasına, təcrübəsinə müraciət edir.
Bizim ötən 20 illik tariximizdə belə bir tarixi şəxsiyyət Azərbaycan Respublikasının üçüncü Prezidenti, müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu Heydər Əliyev oldu. Zaman durduqca, Azərbaycan xalqı, dövləti yaşadıqca hakimiyyətə gələn rəhbərlər onun irsinə və praktikasına müraciət edəcəklər.
Dövlətçilik ənənəsi və humanizm. Soruşulur ki, bunların hansı bizim üçün önəmli olmalıdır? Dövlətin əlində bir tərəfdə əgər zor aparatı olursa, o biri tərəfdə humanizm olmalıdır. Mən hesab edirəm ki, Azərbaycana rəhbərlik etmiş şəxslər hətta cinayət törətmiş olsalar belə, Azərbaycanda yaşamalıdırlar. Bu bizim milli ləyaqət məsələmizdir. Azərbaycana rəhbərlik etmiş şəxs Azərbaycanda gəlib ömrünü başa vurmalıdır. Bu qanunun kimə və necə tətbiq ediləcəyi isə başqa bir söhbətdir. Yəqin, belə düşünənlər də var ki, bu gün Azərbaycana kimlər isə gələcək, Azərbaycanda hansı isə vəziyyət yarada biləcək. Mən hesab edirəm, bunun da əsası yoxdur. Çünki bu gün Azərbaycanda güclü dövlətçilik, güclü hakimiyyət və xalq ilə hakimiyyət arasında birlik var.
Mən nəyi təklif eləmək istərdim? Birinci, bu qanun layihəsində Prezident kitabxanasının yaradılması mütləq öz əksini tapsın. Bu təcrübə Amerika Birləşmiş Ştatlarında var. Dövlət sənədləri də bu kitabxanaya verilir. İkinci, mənzil və bağ evlərinin verilməsi. Bunların nəzərdə tutulması, mən hesab edirəm, lazımdır. Mənim fikrimcə, bu qanun layihəsini yenidən işləməli və burada daha çox dövlətçilik ənənələrini əsas götürməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında qanun qəbul olunmalıdır. Belə qanunun qəbul olunması bizim həm Konstitusiyamızda nəzərdə tutulubdur, həm də ümumiyyətlə, dövlət quruculuğumuzun inkişafında yeni mərhələdir. Belə bir qanunun qəbul olunmasının bəlkə də biz vaxtını keçirmişik.
Burada gedən müzakirələr də, bundan öncə cəmiyyətdə, mətbuatda gedən müzakirələr də göstərir ki, bu qanun Azərbaycanın üç eks-prezidentindən ikisi haqqında, demək olar ki, heç bir mübahisə doğurmur. Amma Ayaz Mütəllibovla bağlı fikirlər haçalanır. Düşünürəm ki, burada da müəyyən bir hüquqi əsas vardır. Mən siyasi əsasları qırağa qoyuram. Biz burada qanunu müzakirə edirik və təbii ki, hüquqa söykənməliyik. Burada siyasi mövqedən çıxış edənlər bu qanunu milli barış üçün addım, humanist addım kimi qiymətləndirirlər. Halbuki Azərbaycanda milli barış, milli həmrəylik çoxdan vardır. Bu proses bizim bu qanunu qəbul edib-etməməyimizdən asılı deyildir. Bu prosesin başlanğıcını ümummilli lider Heydər Əliyev qoyub və cənab Prezidentin apardığı siyasət nəticəsində bu gün Azərbaycanda tam həmrəylik vardır.
Biz tariximizi yenidənmi yazmalıyıq, yoxsa yazılan tarixi davam etməliyik? Bu suala cavab verməliyik. Əgər biz indi bu qanunu qəbul etməklə 19 il bundan öncə haqqında cinayət işi qaldırılmış, dəfələrlə məhkəmə hökmü çıxarılmış, axtarışa verilmiş Ayaz Mütəllibova keçmiş Prezident statusu verərək bu cinayət işinin, hökmlərin üstündən xətt çəkiriksə, bu, tarix qarşısında o qədər də normal qarşılanmayacaqdır.
Mən onu da düşünürəm ki, Ayaz Mütəllibov bu 19 il ərzində məhkum olunsaydı, bəlkə də vətəndən kənarda, bir növ sürgündə olduğu dövrdə çəkdiyindən çox cəza çəkməyəcəkdi. Bəlkə də ondan artıq cəza çəkibdir. Bəlkə də o öz məhkumluğunu ödəyibdir. Amma bu məsələyə bir hüquqi don geyindirilməlidir.
Mən bayaq hörmətli Əli Əhmədovun dediyi fikrə şərikəm. Bu məsələyə ya Konstitusiya Məhkəməsi öz münasibətini bildirməli, ya da Ayaz Mütəllibov cənab Prezidentə müraciət etməli və Prezident tərəfindən əfv olunaraq onun üstündən cinayət məsuliyyəti götürülməlidir. Bundan sonra ona eks-prezident statusunun verilməsi də, düşünürəm ki, cəmiyyət və qanun tərəfindən heç bir problem yaratmayacaqdır.
Cənab Prezident öz humanistliyini dəfələrlə göstəribdir. Ayaz Mütəllibov ona ailəsindəki kədərli hadisə ilə bağlı müraciət edəndə hər bir şərait yaradıldı. Biz görmüşük ki, neçə dövləti cinayətlərdə ittiham olunan, həbsdə yatan insanlar da əfv olunublar. Mən hesab edirəm ki, bu məsələ hüquq norması çərçivəsində öz həllini tapmalıdır.
Qanunun digər müddəaları ilə bağlı. 1-ci maddədə “keçmiş Prezident” anlayışına belə açıqlama verilir: “Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs”. Vəzifə tutdu, bir gündən, beş gündən sonra vəzifəsindən hansı bir səbəbdənsə istefa verdi. Bu qanun ona şamil olunacaqmı? Ümumiyyətlə, status da, təminatlar da o şəxslərə verilir ki, onlar xalq qarşısında, dövlət qarşısında müəyyən işlər görsünlər, müəyyən xidmətlər göstərsinlər. Yoxsa bu gün seçildi, sabah çıxdı getdi, ona bu statusun, təminatın verilməsinə nə ehtiyac vardır?
Mənim fikrimcə, 1.1.1-ci maddə varsa, 1.1.2-ci və 1.1.3-cü maddələrə heç bir ehtiyac qalmır. Çünki yuxarıdakı maddə, demək olar ki, onları ehtiva edir.
1.2-ci maddədə “keçmiş Prezidentin arvadı” anlayışı verilib. Yazılıb: “keçmiş Prezident vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan şəxs”. Mən düşünürəm ki, yox, keçmiş Prezident ölkənin icra hakimiyyətinin rəhbəri olduğu müddətdə onunla qanuni nikahda olmuş şəxs keçmiş Prezidentin arvadı statusunu daşımalıdır. Çünki keçmiş Prezidentin dövründə onun xanımı da müəyyən status əldə edir, ictimai fəaliyyətlə məşğul olur və...
Sədrlik edən. Vaxt 5 dəqiqədir. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən inanmaq istəyirəm ki, hökumət bu qanunu həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə şamil etməklə, doğrudan da, ölkədə sivil siyasi münasibətlərin yaranmasının əsasını qoymaq istəyir.
Amma hesab edirəm, bunun davamı da olmalıdır. Bu gün 2 aprel mitinqinə cəhdə görə həbs olunmuş şəxslərin uşaqları, valideynləri aclıq aksiyası keçirirlər. Biz həmin şəxsləri də azad etməliyik.
Mən məsələnin siyasi tərəfini bir tərəfə qoyuram. Çox təəssüf ki, bu gün burada belə ifadələr işlədilir – qoydu, qaçdı və ilaxır. Bu ifadələr cəm halda işlədilir və həm də Əbülfəz Elçibəyə aid edilir. Mən hesab edirəm ki, ölkənin torpaqlarını qorumaq üçün qan tökülməlidir və Elçibəy də bunu eləmişdi. Amma hakimiyyəti qorumaq üçün o, vətəndaş müharibəsinə yol vermədi. O, ölkəni qoyub qaçmamışdı, Azərbaycanın bir hissəsindən başqa bir hissəsinə getmişdi. O bilirdi ki, bəzi siyasi dələduzların öhdəsindən kim gələ bilər. Bu bizim mərhum Prezidentimiz Heydər Əliyev idi. Ona görə də Heydər Əliyevi hakimiyyətə dəvət etdi, öz təyyarəsini onun arxasıyca göndərdi. Heydər Əliyev də gəldi, həmin dələduzlara onların layiq olduğu yerləri göstərdi. Sonradan, əlbəttə, bəzi dələduzlar yenə də siyasi gündəmdə baş qaldıra bildilər. O vaxt öz partiyasını qoyub konyunktura naminə qaçanlar bu gün Əbülfəz Elçibəyi qaçmaqda ittiham edirlər. Mən o insanların bu əməllərini qətiyyətlə pisləyirəm.
Qanunla bağlı onu demək istəyirəm ki, mən də eks-prezidentlərə fəaliyyətdə olan Prezidentin aldığı maaşın 80 faizi məbləğində təqaüd verilməsi təklifi ilə razıyam.
Qanun da elə yazılmalıdır ki, ona Konstitusiya Məhkəməsinin şərh verməsinə ehtiyac olmasın. Belə çıxır ki, biz özümüz nə yazdığımızı başa düşmürük və gözləyirik ki, Konstitusiya Məhkəməsi bizim qanuna şərh versin. Konstitusiya Məhkəməsi o vaxt şərh verir ki, vətəndaş qanunverici orqanın bu qanunu qəbul etməklə nə demək istədiyini başa düşməsin. Konstitusiyaya görə onda qanuna şərh verilməlidir. Ona görə gəlin qanunu elə yazaq ki, bəlli olsun, söhbət nədən gedir.
Qanunun 11-ci maddəsində qeyd olunur ki, eks-prezident Prezident olana qədər və Prezident olduğu dövrdə, – əgər ona impiçment elan olunmayıbsa, – törətdiyi cinayətlərə görə cinayət məsuliyyətindən azad olunur. Amma Mütəllibova elan olunmuş ittihamlar onun artıq eks-prezident olduğu dövrdə törətdiyi cinayətlərlə bağlıdır. Yəni o, istefa verdikdən və istefası parlamentdə qəbul olunduqdan sonra hakimiyyəti yenidən ələ keçirməyə cəhd edib. Sonradan isə dövlət çevrilişinə cəhddə və sui-qəsdlərdə, daha ağır cinayətlərdə ittiham olunub. Ona görə də həmin müddəa əgər Ayaz Mütəllibova şamil olunacaqsa, burada yazılmalıdır ki, eks-prezident həm Prezident olduğu dövrdə, həm Prezident olduğu dövrdən əvvəl, həm də sonra törətdiyi cinayətlərə görə məsuliyyətdən azad olunur. Mən hesab edirəm ki, belə bir şeyi qanunda yazmaq olmaz. Ona görə ki, belə çıxır, hər hansı bir şəxs əgər bir dəfə prezident olubsa, istədiyi vaxt cinayət törədə bilər. Mən düşünürəm ki, buna yol vermək olmaz.
Ayaz Mütəllibov çox ağır cinayətlərdə ittiham olunub. O, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarından başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci ilin noyabrında qəbul etdiyi qərara görə, həm 20 yanvar hadisələrinə, həm də Xocalı hadisələrində fəaliyyətsizliyinə görə birbaşa ittiham olunan şəxsdir. Mən hələ eks-prezident olduğu dövrdə törətdiyi cinayətləri sadalamıram.
Bu qanunda mühafizəçilərin silah məsələsinə də münasibət bildirilməli və eks-prezidentin evinin müvafiq dövlət orqanları tərəfindən mühafizə olunması məsələsi də öz əksini tapmalıdır.
Mən bu qanunun qəbul olunmasına səs verəcəyəm. Ona görə ki, bu qanun Əbülfəz Elçibəyə şamil olunmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, deyirsiniz ki, cinayət işi qaldırıla bilməz. Ancaq qanunu oxusanız, görərsiniz, orada var ki, törədilmiş cinayət işinə görə Baş prokuror tərəfindən cinayət işi qaldırıla bilər. Bu məsələ var. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Qanun layihəsi kifayət qədər yığcam və aydın yazılıb. Burada aydınlıq gətirilməli 2 məqam var idi. Birinci məqam ondan ibarətdir ki, 1-ci maddədə Azərbaycan Respublikasının Konstitusiyası qeyd olunub. Konstitusiya 1995-ci ildə qəbul olunub və eyni zamanda, son illərdə də ona dəyişiklik olunub. Hörmətli Sədr Oqtay müəllim buna aydınlıq gətirdi. Aydın oldu ki, müstəqillik qəbul olunandan sonra “Azərbaycan SSR” sözü buradan götürülüb.
Bizi çox narahat edən ikinci məsələ də bu idi ki, bu qanun layihəsi indiyə qədər Prezident olmuş şəxslərə şamil ediləcəkmi? Hesab edirəm ki, hörmətli Sədr və Əli Hüseynli bu məsələyə də kifayət qədər aydınlıq gətirdilər.
Bu qanuna münasibətdə fikirlərin haçalanması təbiidir. Ona görə ki, bu qanun keçid dövründən sonrakı mərhələnin qanunudur. Bunu bir hissə həzm edə bilir, digər hissə qəbul edə bilmir. Amma, sözün həqiqi mənasında, keçid dövründən sonrakı qanunlar məhz bu məzmunda olmalıdır. Birmənalı şəkildə milli həmrəyliyə, vətəndaş sülhünə və Azərbaycan dövlətinə bütövlükdə xidmət edən bir modelin üzərində qurulmalıdır.
Burada bir haşiyə çıxmaq istərdim. Sovet hökumətində biri digərini əvəz edəndə 7 dəfə kobud formada bir-birini inkar edib sıfırdan başladı. Bəlkə də 700 il yaşamağa potensialı olan bir sovet imperiyası 7 dəfə sıfırdan başladığına görə süquta uğradı, 70 ildən artıq yaşaya bilmədi. Bu çox ibrətamiz bir misaldır, hər dəfə sıfırdan başlamaq istənilən ölkəni elə sıfırdan o yana apara bilməz. Bu nöqteyi-nəzərdən vətəndaş sülhünə doğru atılan addımda siyasi iradəni ortaya qoyana təşəkkür edirəm. Bu siyasi iradə ortada olmasaydı, belə bir qanun layihəsi bu gün müzakirəyə çıxarılmazdı.
İkinci, bu qanunu hazırlayanlara təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, qanun layihəsi indiyə qədər hazırlanmış qanun layihələrinin bir sıra müddəalarına uyğunlaşdırılmalı idi. Bu nöqteyi-nəzərdən burada qaldırılan bir məqamı diqqətinizə çatdırmaq istərdim. Təbii ki, qanun layihəsində keçmiş Prezidentə pensiyanın məbləğinin 50 faiz nəzərdə tutulması “Dövlət qulluğu haqqında” Qanundakı 80 faiz rəqəminə ziddiyyət təşkil edir. Həmin rəqəmin 80 faiz olması, hesab edirəm ki, daha düzgün olardı. Onda bu əvvəlki qanunlarla səsləşərdi.
Qanun layihəsində elə bir məqam yoxdur ki, ikili münasibət bildirilsin. Mən bu qanun layihəsinə səs verəcəyəm və bütün millət vəkillərini də buna səs verməyə çağırıram.
Onu da qeyd etmək istəyirəm ki, bu, Konstitusiya qanunu olduğuna görə üç oxunuşdan keçməyəcək, yəqin ki, birinci oxunuşda bu məsələ həll olunacaq. Kim bu qanunda siyasi konyunktura, yoxsa ictimai rəyin üstün olmasını bilmək istəyirsə, bu, Milli Məclisin saytına qoyulsun və baxılsın. Oradakı rəylərdən görünəcək ki, ictimai rəy məhz bu məzmunda qanunu bu günləri sifariş edir. İctimai rəy istəyir ki, belə bir qanun qəbul olunsun. Bizə qarşı təzyiqlərin və sairin artdığı bir dövrdə bu qanun cəmiyyət həyatının bütün sahələrində vətəndaş həmrəyliyinə, vətəndaş sülhünə xidmət edən bir qanun olacaq. Bu qanunu hazırlayanlara, bu siyasi iradəni ortaya qoyanlara bir daha təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, Məlahət xanım da çıxışa yazılıb, amma xahiş etdi ki, onunla yerimi dəyişim. Mümkünsə, indi Məlahət xanım çıxış etsin.
Sədrlik edən. Deyəsən, Məlahət xanım tələsir. Buyurun.
M. İbrahimqızı. Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən, Tahir müəllim, Sizə də minnətdarlığımı bildirirəm. Deyəcəyim fikirləri hörmətli Əli Əhmədov, Elman Məmmədov və digər həmkarlarım ifadə etdilər və mən yüzdə-yüz onlarla razıyam.
Biz bu gün bu qanun layihəsini birinci oxunuşda tam müzakirə etsək də, səsə qoyulmamalı, səsvermə keçirilməməlidir. Konstitusiya Məhkəməsi Konstitusiyanın 104 və 107-ci maddələrini qanunun 1.1.2-ci maddəsi ilə bağlı əlaqəliliyini tam şərh etməlidir, çünki bu, Konstitusiya qanunudur. Sonra biz qanun layihəsini birinci oxunuşda səsverməyə çıxarmalıyıq.
Mən də, təbii ki, Azərbaycanın sürətlə inkişaf etdiyi, demokratiyanın bərqərar olması istiqamətində dövlət siyasətinin həyata keçirildiyi bir məqamda belə bir qanunun qəbul olunmasını çox yüksək qiymətləndirirəm. Həqiqətən də, bu, vətəndaş həmrəyliyinin, vətəndaş barışığının, siyasi mədəniyyətin, sivil siyasi münasibətlərin formalaşmasında böyük rolu olan bir qanundur.
Hörmətli Oqtay müəllim, mən qısaca olaraq sual vermək istəyirəm. 1991-ci ildən 1993-cü ilə qədər ölkəyə rəhbərlik edən prezidentlər birmənalı olaraq biliblər ki, onların birinci vəzifəsi dövlətin və Azərbaycan xalqının təhlükəsizliyinin qorunmasıdır. Hər il fevralın 26-da parlamentdə də, cəmiyyətdə də Xocalı soyqırımı ilə bağlı böyük müzakirələr keçirilir. O vaxt rəhbərlikdə olan insanların Xocalı faciəsində – ermənilər tərəfindən törədilmiş bu cinayətdə nə qədər məsuliyyət daşımalarını biz hər dəfə səsləndiririk. Xocalı cinayəti ilə bağlı keçmiş rəhbərliyə qarşı cinayət işi açılıb və bu saat da axtarışdadır.
Mən sual verirəm, həmin bu rəhbərlər Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqından üzr istədilərmi? Aradan 19 il keçib, nə zaman eşitdik ki, həmin insanlar xalqdan üzr istəyiblər? Yəni konkret olaraq Ayaz Mütəllibov xocalılardan üzr istədimi? Bu günə qədər də xocalıların gözləri yolda qalıb, əsir, girov götürülmüş qızlarımızın, qadınlarımızın qayıtmasını gözləyirlər. Azərbaycan xalqının şərəfinə, ləyaqətinə təsir edən, onu aşağılayan bir faciə idi bu.
Ona görə hesab edirəm ki, bu qanundan öncə keçmiş prezidentlərin günahlarının, cinayət məsuliyyətlərinin reabilitasiyası haqqında hər hansı bir sənəd qəbul edək. Bizim ulu öndərimiz, eləcə də, möhtərəm Prezident dövlət çevrilişinə cəhd edən onlarca insanı əfv ediblər. Əvvəlcə onların dövründə Azərbaycan xalqının başına gəlmiş faciələrdə onların məsuliyyəti ilə bağlı sənəd qəbul edək, sonra qəbul edəcəyimiz bu qanunu onlara şamil edək. Mən xahiş edirəm ki, ikinci oxunuşa qədər Konstitusiya Məhkəməsinin şərhi olsun və sonra bu müzakirə davam etsin. Sağ olun.
Sədrlik edən. Məlahət xanım, biz qanunverici orqanıq, burada da qanun layihəsi müzakirə edirik. Biz niyə bunu Konstitusiya Məhkəməsinə göndərməliyik, özümüz müzakirə edirik də. Aytən Mustafayeva.
A. Mustafayeva. Çox sağ olun. Ümummilli lider Heydər Əliyevin çoxsaylı müdrik kəlamlarından birində deyilir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Bizim 20 illik tariximiz bunu göstərdi ki, ilk illərdə xalqımız sınağa çəkildi. Şükürlər olsun ki, xalqımızın çağırışına cavab olaraq ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdaraq dövlətimizi bu böhrandan çıxardı və xalqımızı, ölkəmizi xilas etdi.
Biz 20 illik tarixi mərhələ-mərhələ keçib xeyli inkişafa nail olmuşuq. Bu inkişaf gözümüzün qabağındadır və bunu şərh edərək vaxt aparmaq istəmirəm. Ancaq onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyində qeyd etmişdir ki, Azərbaycan iqtisadi sahədə keçid dövrünü artıq başa vurub. Bəli, bizim iqtisadi, siyasi nailiyyətlərimiz, böyük diplomatik uğurumuz göz qabağındadır. Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən alternativi olmayan bir siyasət nəticəsində ölkəmiz bu uğurlara nail olub.
Bu gün müzakirə olunan qanunla tamamilə razıyam. Cənab Əli Əhmədovun fikirləri ilə şərikəm ki, tarixi baxımdan Azərbaycan artıq belə bir qanunu qəbul etməlidir. Ancaq burada Konstitusiya Məhkəməsinin də rəyi olsa, yaxşı olardı. Hesab edirəm ki, cəmiyyətdə bütün münasibətləri sivil qaydada quran çox mükəmməl, yığcam bir qanundur.
Bir də onu qeyd etmək istəyirəm ki, fikrimcə, bu gün müzakirənin iki keçmiş prezidentin şəxsiyyəti ətrafında aparılması bir az düzgün deyil. Prezidentimiz İlham Əliyev demişdir ki, 20 il, 520 il sonra da Azərbaycan olacaq. Biz bunu indi fikirləşməliyik ki, bəs sonra, gələcəkdə necə olacaq? Bu insanlara, bu şəxsiyyətlərə qarşı sonra normativ aktların və sairin əsasında qərarlar qəbul olunacaq. Amma belə bir qanunun zəruriliyi çox aydındır. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hesab edirəm ki, bu qanun Azərbaycanın dövlət olaraq gəldiyi bir yerin, bir səviyyənin məntiqindən doğur. 10 il əvvəl bəlkə də bu qanunu qəbul eləmək olmazdı. Amma bu gün Azərbaycan üçün bu qanunun yaradacağı yeni şərait heç bir təhlükə doğurmur. Ona görə də bu qanun nə qədər humanist mahiyyət daşısa, o qədər cəmiyyətimiz üçün və bizim gələcəyimiz üçün xeyirlidir. Məncə, biz qanuna məhz bu humanist mövqedən yanaşmalıyıq, çünki Azərbaycan bu gün hüquqi dövlət quruculuğu sahəsində müəyyən addımlar atıb və bu, davam etdirilməlidir. Dünyada gedən prosesləri izləməliyik və Azərbaycanın bu istiqamətdə atdığı addımların gələcəyimiz baxımından nə qədər əhəmiyyətli olduğunu da nəzərə almalıyıq.
Burada müxtəlif fikirlər səslənir. Məncə, keçmiş hadisələri bu günün gözü ilə təhlil eləmək olmaz. Keçmişdə, o vaxt belə olub. Əslində, bütün bu məsələlər həmin dövrün müstəvisində təhlil olunmalıdır. O dövrdə, bilirsiniz ki, müharibə idi, Azərbaycan müstəqillik yoluna yeni qədəm qoyurdu və sonrakı proseslər haqqında heç kim proqnoz verə bilməzdi.
Səhvlər də qaçılmaz idi. O vaxt həmin səhvlərin çoxu bizim düşdüyümüz şəraitdən irəli gəlirdi. Beynəlxalq qüvvələrin təzyiqi, Azərbaycandakı daxili qarşıdurmalar bir çox səhvlərə gətirib çıxarırdı.
Məncə, həmin adamlar, o proses keçib getdi. İndi ayrı bir mərhələdəyik və hesab edirəm, bəzi adamlar da artıq öz səhvlərini başa düşüblər və cəzalarını da alıblar. 20 il mühacirət həyatı və Azərbaycandan kənarda yaşamaq, əslində, elə cəzadır. Bu baxımdan da biz hesab eləməliyik ki, Ayaz Mütəllibov artıq öz cəzasını çəkib. Amma etiraf eləməliyik ki, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin vaxtında Azərbaycanda bir prezidentlik ənənəsi yaranıb. Bu ənənəni biz tariximizdən silə bilmərik.
Mən bir məsələni də deyim. Müxtəlif ölkələrdə, elə qonşumuz qardaş Türkiyədə istənilən idarədə, nazirlikdə, bələdiyyədə cümhuriyyət dövründə baş vermiş müxtəlif hadisələrdən asılı olmayaraq, – dövlət başçılarının bəziləri asılıb, bəziləri güllələnib, – divarlardan 60, 70, 80 il bundan əvvəl vəzifədə olmuş bələdiyyə sədrlərinin, nazirlərin hamısının şəkli yan-yana asılıb. Bu bir tarixdir və onu qoruyub saxlamaq lazımdır.
Onların içində də səhv eləyənlər olub, cəzası olanlar var. Amma xalq öz tarixinə bunların üstündən baxır və bu ənənəni qoruyub saxlayır. Bu baxımdan hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan qanun, əslində, həm Əbülfəz Elçibəyə, həm də Ayaz Mütəllibova şamil edilməlidir. Bu baxımdan Milli Məclisin Sədri Oqtay Əsədovun və qanunu təqdim eləyən Əli bəyin mövqeyi ilə razıyam. Çox istərdim ki, gələcəkdə ölkəmizdə demokratikləşmə istiqamətində prosesin davam eləməsi üçün siyasi partiyalar haqqında da qanun qəbul olunsun. Bununla da burada dəfələrlə vurğulanan milli barış və vətəndaş həmrəyliyi baxımından son dərəcə ciddi addımlar atmış olarıq.
Bəzi millət vəkilləri öz adlarından çox inamla danışırlar. “Mən belə hesab edirəm” deməzdən əvvəl bu millət vəkili getsin seçiciləri ilə bir məsləhətləşsin, görsün, Azərbaycan xalqı, millət nə istəyir. Bu gün millət istəyir ki, bu qarşıdurmalar aradan götürülsün. Sən Elçibəyi Prezident hesab eləməsən də, saymasan da, xalqın böyük bir hissəsi onu Prezident sayır və onun kifayət qədər tərəfdarları var. Əgər respublikada normal bir mühit yaratmaq istəyiriksə, onda bunların hamısı nəzərə alınmalıdır. Məncə, qanun bu iki nəfərə də şamil olunmalıdır. Bu cəhətdən mən Milli Məclisin rəhbərliyinin mövqeyini çox doğru və düzgün hesab edirəm.
Əli bəy, mən Sizin diqqətinizi 1.1.2-ci maddəyə yönəltmək istəyirəm: “Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs”. Cümlədən belə çıxır ki, bunun vəfatı da Konstitusiyaya uyğundur. Ona görə hesab edirəm, 1-ci ifadə atılmalıdır. “Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs” deyiləndə məsələ...

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Azərbaycan cəmiyyətində uzun müddət müzakirə mövzusu olan bir məsələni, bir qanun layihəsini Konstitusiya aktı səviyyəsində müzakirə edirik. Eyni zamanda, həm qanunun vacibliyi, həm də qanunda qoyulan məsələlərlə bağlı müxtəlif fikirlər var. Ancaq qanun layihəsi ilə tanışlıq göstərdi ki, bu gün bütün suallara cavab verən çox təkmil və yetkin bir layihə bizə təqdim edilib. Müxtəlif variantlar, müxtəlif baxışlar ola bilər. Ancaq əsas məsələ odur ki, bu Konstitusiya aktını qəbul etməklə biz Azərbaycan dövlətçiliyinə, Azərbaycan siyasi mədəniyyətinə öz töhfəmizi vermiş oluruq.
Qanun konkret şəxslərin fəaliyyəti üzərində deyil, hüquqa söykənərək yazılıb. Dünya təcrübəsi nəzərə alınıb. Bu gün Azərbaycanın sivil dünyada tutduğu nüfuza uyğun olaraq yazılıb. Dünən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 196 dövlətdən 155-nin səsinin toplaması göstərir ki, Azərbaycan sivil, hüquqi, çox etibarlı, nüfuzlu bir dövlət kimi tanınır. Onun atdığı addımlar dünya səviyyəsində qəbul edilir.
Bu gün qəbul edəcəyimiz bu Konstitusiya aktı da, şübhəsiz ki, Azərbaycanın imici üçün çox müsbət bir addım olacaqdır. Qanun layihəsində indiyə qədər səslənən sualların hamısına cavab var və Azərbaycanın müasir inkişaf tələblərinə tam cavab verir. Hesab edirəm ki, burada fərqli mövqelər, ayrı-ayrı şərhlər mümkündür, ancaq bunların hamısı geridə qalıb. Azərbaycan bugünkü tələblərə, bugünkü inkişafına uyğun olaraq öz addımlarını atır. Bizə təqdim edilən layihə bu tələblərə cavab verir. Hamınızı Azərbaycanın keçdiyi yola uyğun olan və eyni zamanda, beynəlxalq imicinə cavab verən bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç. Qənizadə. Hörmətli həmkarlar, mən, əvvəla, bu qanun layihəsinin işlənib hazırlanmasında və bu gün müzakirəyə çıxarılmasında zəhməti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Azərbaycan cəmiyyəti çoxdan belə bir humanist addımın atılmasını gözləyirdi. Belə hesab edirəm ki, bugünkü Konstitusiya qanunu təkcə Konstitusiya qanunu deyil, həm də barışıq qanunudur. Bu qanun ölkədə müəyyən gərginliyin, emosiyaların aradan götürülməsinə xidmət edəcək. Doğrudan da, bu addımı dövlət atmalı idi. Ona görə də mən bu gün Milli Məclisdə müzakirəyə çıxarılan bu qanunda zəhməti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm.
Biz qanunu fərdlərə münasibətə görə qəbul etməməliyik. Burada çox təəssüf edirəm ki, adlar hallanır, keçmiş prezidentlər müzakirə predmeti olur. Biz artıq geriyə baxmamalıyıq, gələcək üçün insanların ürəyindən keçən humanist qərarların, qanunların qəbulunda yaxından iştirak etməliyik. Mən görürəm ki, bəzi həmkarlarım bu qanunun müəyyən müddəalarını kifayət qədər başa düşməyiblər. Eyni zamanda, həmkarlarım tərəfindən komitə rəhbərliyinə təkrar müraciət ünvanlanması bir daha onu göstərir ki, bugünkü müzakirəyə kifayət qədər hazırlıqlı olmayan həmkarlarım var.
Əvvəla, qeyd eləyim ki, Konstitusiya qanunu ali bir qanundur və o əgər özündə yüngülləşdirici halları ehtiva edirsə, deməli, onun geriyə tətbiqinə imkan veriləcək. Həmkarlarımdan biri bayaq bu məsələ ilə bağlı narahatçılığını bildirmişdi. Burada Azərbaycan Respublikasının Konstitusiyası ilə prezident seçilmiş şəxslərdən söhbət gedir. Eyni zamanda, Azərbaycan Sovet Sosialist Respublikasını indiki Azərbaycan Respublikasının varisi kimi tanımamaq məsələsi qoyulub. Amma qanun qanun olaraq qalır və 1991-ci il fevral ayının 2-də Azərbaycan Respublikasının o vaxtkı Milli Məclisi, yəni Ali Soveti tərəfindən Azərbaycan Respublikasının adı artıq Azərbaycan Sovet Sosialist Respublikası yox, Azərbaycan Respublikası kimi təsdiq olunduğu üçün, belə hesab edirəm ki, bu suala da artıq konkret cavab verilmişdir.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında keçmiş prezidentlərin birinin seçkilərinin keçirilməməsi məsələsinə toxunuldu. Çox təəssüf edirəm ki, bəzi həmkarlarım bu ifadə ilə Azərbaycanı bir növ parçalamağa meyilli bir fikir ortaya atırlar. Naxçıvan Azərbaycanın tərkib hissəsidir və Naxçıvan seçkilərə tam müstəqil bir qurum kimi yox, Azərbaycanın tərkib hissəsi kimi qatılmışdır. O bölgədə seçkilərdə səs toplamamaq nəticələrə təsir etmədiyi üçün, belə hesab edirəm ki, o vaxt seçilmiş prezidentlər tamamilə Konstitusiyaya uyğun qaydada seçiliblər.
Konstitusiyanın 104 və 107-ci maddələrinə mən şərh vermək istəmirəm. Amma qısaca qeyd etmək istəyirəm ki, bunlar fərqli anlayışlardır. 104-cü maddədə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirməkdən və ərizə ilə müraciət etməkdən söhbət getdiyi üçün, belə hesab edirəm ki, bayaq mübahisə doğuran şəxslərin hər ikisi 104-cü maddənin tərkib hissəsinə düşdüklərinə görə istefa verdikləri müddətdə onlara bu qanun tətbiq olunacaq.
107-ci maddəyə gəldikdə isə qeyd edim ki, hələlik Azərbaycanda belə bir praktika olmamışdır və ona görə bu gün bu maddənin ətrafında müzakirə aparmağa dəyməz. Burada ağır cinayətlərin törədilməsinə görə vəzifədən kənarlaşdırmadan söhbət gedir. Amma hörmətli həmkarlarım, mən bir şeyi nəzərinizə çatdırım ki, hətta belə olduqda da bu qanunun müəyyən müddəaları sabiq prezidentə tətbiq ediləcəkdir. Çünki 107-ci maddənin tərkib hissəsi ilə vəzifəsindən kənarlaşdırılmış sabiq prezidentlər qanunun 9-cu, 10.1-ci və 10.3-cü maddələrindən bəhrələnə bilməyəcəklər. Bu, tibbi və digər təminatlardır ki, burada maşın və mühafizədən söhbət gedir. Belə eks-prezidentlər nəzərdə tutulan pensiya təminatı ilə təmin olunacaqlar.
Mən vaxtın azlığından çox danışa bilmirəm və hesab edirəm ki, bu qanun qəbul olunmalıdır. Eks-prezidentlər üçün bağ evinin verilməsi və pensiya təminatının bir az da artırılması məsələsində həmkarlarımı müdafiə edirəm. Bu qanunun fərdlərə deyil, gələcək üçün hesablanmasını nəzərdə tutaraq hamını bu qanuna səs verməyə çağırıram. Bir də, çox istəyirəm ki, növbəti çıxışlarda fərdlərə münasibət bildirilməsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bir şeyi nəzərinizə çatdırım. Bəzi millət vəkilləri deyirlər ki, ay Konstitusiya Məhkəməsinə göndərmək lazımdır, nə bilim, nə eləmək lazımdır. Bu, Konstitusiya qanunudur və bu gün birinci oxunuşdur. Konstitusiya qanunu 3 oxunuşdan keçməlidir. Verilən təkliflər, qaldırılan məsələlər var. Qabaqda hələ iki oxunuş var, bunlara baxacaqlar. Bu, islahatçı bir qanundur. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün müzakirə olunan qanun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə müəyyən bir töhfədir. Biz belə bir qanunu qəbul etməklə ölkəmizin demokratik inkişafına xidmət edirik.
Hər zaman bizə qürur verən bir hiss var ki, biz etnik, dini tolerantlığa malik bir ölkəyik. Lakin keçmiş sovet ənənələri imkan verməyib ki, Azərbaycanda siyasi tolerantlıq, öz siyasi rəqiblərinə dözümlü yanaşma müəyyənləşsin. Mənə elə gəlir ki, belə bir qanunu qəbul etməklə biz Azərbaycanda siyasi tolerantlığın inkişafında ciddi addım atırıq.
Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümündə məhz milli azadlıq hərəkatının lideri olmuş Əbülfəz Elçibəyin keçmiş prezident statusunun müəyyənləşməsi Azərbaycan dövlətinə qürur gətirən bir addımdır. Bu, siyasi nöqteyi-nəzərdən fikirləri indiyə qədər qəbul olunmayan şəxslərə də şamil oluna bilər.
Azərbaycanda vətəndaş sülhü, vətəndaş həmrəyliyi naminə belə bir qanunun qəbul olunmasını mən müsbət bir hal hesab edirəm. Ölkəmizin sivil dünyanın tərkib hissəsi, demokratik bir dövlət olması üçün belə bir qanunun qəbul edilməsinə böyük ehtiyac var idi. Mən hörmətli Əli müəllimə təşəkkürümü bildirirəm, çox gözəl bir qanun təqdim elədi. Qanunun bir sıra maddələri çox zəruridir. Hörmətli millət vəkillərini bu qanuna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F. Quliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında qanunun çox yaxşı işləndiyini qeyd eləməklə yanaşı, həm də deyirəm ki, bu, Azərbaycan parlamentinin çox ciddi uğurudur. Bu, islahatçı bir qanun olmaqla yanaşı, həm də bir barış qanunudur.
Hesab edirəm ki, iki mərhum prezidentə şamil olunan bu qanunda 3.6-cı və 10.5-ci maddələrə heç bir zərurət qalmır, çünki o iki eks-prezidentin heç biri cinayət əməli törətməmiş və ağır cinayətlərdə ittiham olunmamışdır. Mən bunu niyə məxsusi qeyd edirəm? Bu bəndlərdə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxsə bu Konstitusiya qanununun 9-cu, 10.1-ci və 10.3-cü maddələrində nəzərdə tutulmuş təminatlar verilmir. Amma əslində, söhbət ondan gedir ki, 3.6-cı və 10.5-ci maddələrin bura salınmasına heç bir zərurət yoxdur.
Mən fikrimi onunla izah etmək istəyirəm ki, əvvəla, bu, qanunun 11.1-ci maddəsi ilə bu bəndlər ziddiyyət təşkil edir. Burada göstərilir ki, keçmiş Prezident Azərbaycan Respublikası Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz. Üstəlik də bundan sonra gələcək hər hansı bir prezident cinayət törədəcəksə, Konstitusiyanın 107-ci maddəsindəki mexanizm avtomatik olaraq işə düşür və prezidentin səlahiyyətləri əlindən alınır. Cinayət törədibsə, cinayət əməlinə görə məsuliyyətə cəlb olunur. Həmin prezidentə 10–15 il iş kəsilsə belə, cəzasını çəkib qayıtdıqdan sonra onun eks-prezident olmasına heç bir kölgə düşmür.
Əslində, 3.6-cı və 10.5-ci maddələrin bura salınması ciddi bir xətadır. O nədən ibarətdir? Bir şəxs bir əmələ görə iki dəfə cəzalandırıla bilməz. Artıq törədilmiş cinayətə, edilmiş əmələ görə cəza verilibsə, bu bəndlərin burada saxlanılması həmin fərdlərə ikinci dəfə cəza verilməsi kimi səslənə bilər. Mən hesab edirəm ki, bu, Konstitusiya Məhkəməsinə göndərilsin, bu bəndlərdəki ziddiyyətlərə aydınlıq gətirilsin. Eks-prezidentlik dövründə törədilmiş cinayətlərə görə cəza nəzərdə tutulursa, bu bəndləri bura salmağa və bu sənədi də Konstitusiya Məhkəməsinə göndərməyə ehtiyac qalmayacaqdır. Mən təklif edirəm ki, 3.6-cı və 10.5-ci maddələr qanundan çıxarılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E. Hüseynov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bizim Milli Məclisin iclas salonunda uzun illər boyu Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin haqqında ən ağır ittihamlar, fikirlər səsləndirilibdir. Bu gün çox təəssüflər olsun ki, bir çox insan tamam başqa notda çıxışlar etdi. Jurnalist fəaliyyətim dövrümdə mən də Əbülfəz Elçibəy və Ayaz Mütəllibov haqqında çıxışlar eləmişəm. Lakin o insanlar mənim ən mülayim şəkildə tənqid elədiyim insanlar olubdur. Bu gün də mən bütün dediklərimin üstündə dururam.
Burada Zahid bəy də səsləndirdi, mən o fikirdəyəm ki, eks-prezident statusu yalnız bu vəzifəni sona qədər ləyaqətlə yerinə yetirmiş insanlara verilməlidir. Ən çətin, ağır günlərdə öz millətini, xalqını meydanda tək qoyub gecə ilə təyyarəyə minib naməlum istiqamətdə uçan insanlara, məncə, eks-prezident deyil, fərari statusu verilməlidir. Ona görə mən də bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Ən azından ona görə ki, sabah Ayaz Mütəllibov bir də qürrələnib deməsin ki, Azərbaycan parlamenti yekdilliklə, yaxud böyük səs çoxluğu ilə mənə eks-prezident statusu veribdir.
Bilirsiniz, bir qədər ədalətsizlik olur. Ayaz Mütəllibovu, Əbülfəz Elçibəyi – onların ikisini Heydər Əliyevlə bir tərəzinin gözünə qoymaq, eyni tutmaq, məncə, heç bir çərçivəyə sığmır. Yəni ortada həm də Heydər Əliyev nümunəsi var, xalqın ən çətin anında, ən ağır günündə onun yanında oldu, xalqa arxalandı. Xalqını qoyub qaçmadı. Biz bu gün bu qanunu qəbul edəcəyiksə, bu, bir ənənənin nümunəsini yaradacaqdır. Elman müəllim də dedi, onda belə çıxır ki, kim isə təhlükə olan kimi “mənim statusum yerindədir” deyə qaçıb getməlidir.
Mən Ayaz Mütəllibovun bu gün ölkəyə qayıtmasının əleyhdarı deyiləm, onun həbs olunmasının da əleyhinə olan bir insanam. Lakin mən də hesab edirəm ki, Ayaz Mütəllibov ölkəyə gəlməmişdən əvvəl dövlət başçımıza, Azərbaycan xalqına müraciət etməlidir, əfv diləməlidir, üzr istəməlidir. Bundan sonra ölkədə öz həyatının qalan hissəsini yaşaya bilər. Bu həm də ölkədə milli, vətəndaş birliyi üçün atılmış bir addım ola bilərdi.
Lakin bu gün qəbul eləyəcəyimiz qanuna görə Ayaz Mütəllibov həm də təmsilçilik fəaliyyətinə görə üst-üstə 11200 manat pul almalıdır. Bu hansı xidmətlərinə görədir? Bunu insanlar bizdən soruşa bilər axı. Axı bu gün Ayaz Mütəllibovun həmin əməllərinə, – burada deyirlər ki, yüngül cinayət edib, filan edibdir, – həmin qətiyyətsizliyinə görə Azərbaycanda 10 minlərcə qaçqın var, minlərcə insan əlil, şəhid olubdur. Bu gün qaçqınların, əlillərin təqaüdlərini 10 il, 20 il üst-üstə toplayanda heç Ayaz Niyazoviçin bir aylıq maaşı qədər eləmir. Mən hesab edirəm ki, bu, ədalətsizlikdir. Bizdə heç 20 Yanvar şəhidlərinin statusu haqqında qanun yoxdur. Bu insanlara adicə bir medal, yaxud ailələrinə bir vəsiqə verilməyibdir. Bütün bunları nəzərə alaraq mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mənim fikrimcə, biz bu qanunu qəbul etməklə nə kimi isə bağışlayırıq, nə kimi isə barışa, həmrəyliyə çağırırıq, nə demokratiyanı bərqərar edirik, nə də tolerantlığı dəstəkləyirik. Biz öz vəzifə borcumuzu yerinə yetiririk. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq biz bu qanunu qəbul etməliyik, bu bizim vəzifə borcumuzdur.
İkincisi, qanun 3 oxunuşda müzakirə olunacaqdır. Bu gün biz bu qanunu konseptual baxımdan qəbul edirik, yoxsa yox? Əgər konsepsiya olaraq qəbul ediriksə, deməli, səs verməliyik. Əgər bu qanunda olan anlayışlara, hər hansı bir müddəaya, maddəyə təklifimiz, fikrimiz varsa, – kiminsə adına, vəzifəsinə uyğun olaraq yox, – hüquqi dildə yazıb komitə sədrinə verə bilərik və müzakirə edib ya “hə”, ya da “yox” deyə bilərik.
Ona görə gəlin, biz vəzifə borcumuzu yerinə yetirək. Konseptual olaraq kiminsə təklifi, sözü var, desin. Biz Konstitusiyaya uyğun olaraq bu qanunu qəbul etməliyik. Mənim fikrimcə, biz gərək bu qanunu birinci oxunuşda qəbul edək. İkinci oxunuşa qədər kimin nə fikri, təklifi varsa, emosiyalar şəklində yox, hüquqi dildə yazılmış, əsaslandırılmış formada komitəyə təqdim eləsinlər, müzakirə edək. Qəbul edərik, yoxsa yox, o başqa məsələdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Valeh müəllim çox yaxşı izah verdi. Həqiqətən, biz yaddan çıxarmamalıyıq ki, referendum Milli Məclis tərəfindən keçirilmişdir. O qərarın əsasında da referendumda bu məsələlər öz əksini tapmışdır. İndi Əli müəllimə 5 dəqiqə söz verək, danışsın, sonra səsverməni keçirək. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən millət vəkillərinə təşəkkür edirəm. Biz bu qanun layihəsini parlamentin müzakirəsinə təqdim edərkən bilirdik ki, bu, geniş müzakirəyə səbəb olacaq və şəxsən məni çox sevindirir ki, ölkəmizin qanunvericilik həyatı çox maraqlı keçir, burada çox müxtəlif fikirlər səslənir.
Mən bu qanunun təkcə hüquqi yox, müəyyən mənada siyasi yük daşıdığını da başa düşürəm və fərqli fikirlərə hörmətlə yanaşıram. Amma, eyni zamanda, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Biz qanunun təqdimatında çalışdıq, sizin diqqətinizə çatdıraq ki, bu qanunun müddəaları ilə, bizim tarixi keçmişlə, əvvəllər prezident olmuş şəxslərə münasibətlə, siyasi və dövlətçilik mövqeyimizlə bağlı siyasi alver etməməliyik.
Biz Azərbaycanın tarixi keçmişini dəqiq təhlil edirik. Ona hüquqi, siyasi qiymət veririk. Hər zaman da bunu edirik. Bu qanunun qəbul olunması heç də o demək deyil ki, bizim siyasi baxışlarımızda əvvəlki tarixi proseslərə münasibət dəyişir. Biz, sadəcə, hüquqi baxımdan dövlətçilik ənənələrimizi daha da inkişaf etdiririk. Burada bununla bağlı bir sıra fikirlər səsləndi.
Əvvəllər prezident olmuş Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, o dövrdəki hakimiyyətlə bağlı bizim komitənin və mənim mövqeyim məlumdur. Hesab edirəm ki, bizim bu gün qanunun bir sıra müddəalarını təqdim etməyimiz, eyni zamanda, hazırda Azərbaycan dövlətçiliyinin nə qədər möhkəm olduğundan xəbər verir. Təbii ki, bizim iradəmiz çatır ki, əvvəllər hərəkətlər və hərəkətsizliklərinə görə məsuliyyətə cəlb olunmuş insanlara indi fərqli bir mövqe nümayiş etdirək.
Məncə, burada siyasi müzakirələr çox uzana bilər, ona görə mən qanunun predmetinə qayıtmaq istəyirəm. Düzü, hörmətli həmkarlarımın bu Konstitusiya qanununun hüquqi baxımdan ziddiyyətli olduğu, onun rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı fikirləri məni çox təəccübləndirdi. Ona görə ki, əgər biz Konstitusiyaya hər hansı bir dəyişiklik irəli sürsə idik, onda həmin layihəni Konstitusiyanın 153-cü maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə rəy üçün göndərərdik. Konstitusiya qanununun, yəni parlamentin hazırladığı bir qanunun Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı rəyə göndərmək proseduru yoxdur. Buna heç ehtiyac da yoxdur.
Amma Konstitusiyaya görə Konstitusiya Məhkəməsi bizim qəbul etdiyimiz qanunların Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı, təbii ki, qərar qəbul edə bilər. Kim isə belə bir sorğu ilə müraciət edərsə, gələcəkdə bu prosedur ola bilər. Amma indiki mərhələdə biz başa düşmədik ki, hansı hüquqi prosedura görə bu qanun Konstitusiya Məhkəməsinə rəyə göndərilməlidir? Əgər peşəkarlıq baxımından narahatsınızsa, sizə tam məsuliyyətlə deyirəm ki, bu Konstitusiya qanununun üzərində Azərbaycanda Konstitusiya hüququ üzrə ən tanınmış mütəxəssislər çalışıb.
Meydana çıxmış bir neçə sualı cavablandırmaq istəyirəm. Burada şərh olundu ki, Konstitusiyanın 104-cü və 107-ci maddələri ilə bağlı fərqli bir yanaşma ola bilər. Birmənalı qeyd etmək istəyirəm ki, o, bizim qanunun müddəasına görə ancaq 107-ci maddənin ikinci hissəsində olan istisnadır. Yəni impiçment qaydasında prezidentin vəzifəsindən kənarlaşdırılmasıdır.
Burada əvvəlki prezidentlərlə bağlı misal çəkildi. Xatırlatmaq istəyirəm və siz bu fikirlərimi bir daha yoxlaya bilərsiniz. Əvvəllər prezident olmuş şəxslərin heç biri impiçment qaydasında vəzifədən kənarlaşdırılmayıb. Kim isə istefaya gedib, kim isə zorla devrilib və yaxud öz xoşu ilə vəzifəsindən gedib. Amma impiçment qaydasında, yəni Milli Məclis deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərarı əsasında prezident vəzifəsindən kənarlaşdırılan olmayıb. Ona görə bir daha vurğulayıram ki, əslində, burada hər hansı bir hüquqi kazus yoxdur.
Digər bir sual oldu ki, bu Konstitusiya qanunu haqqında cinayət işi qaldırılmış keçmiş prezidentə münasibətdə nə cür tətbiq olunacaq? Təbii ki, dünya praktikasında belə hallar var. Cinayət Məcəlləsinin hər hansı bir maddəsi qanunvericilikdən, Cinayət Məcəlləsindən çıxarılarsa, o maddə ilə ittiham olunan şəxs məsuliyyətdən azad oluna bilər. Təqsirsizlik prezumpsiyası mövcuddur. Əgər bizim qanun bu formada qəbul olunarsa, təbii ki, cinayət təqibinə xitam verilmək üçün əsas olacaq, çünki bu, Konstitusiya qanunudur və daha üstün hüquqi qüvvəyə malikdir.
Burada bir neçə təklif də oldu. Cənab Sədr, Siz tamamilə haqlısınız, biz indi konseptual baxımdan vəzifəmizi yerinə yetirməliyik. Valeh müəllim də qeyd elədi, bu, doğrudan da, bizim vəzifə borcumuzdur. Artıq referendumdan iki il vaxt keçib və biz mütləq eks-prezidentlər haqqında Konstitusiya qanunu qəbul etməliyik.
Konsepsiya olaraq hamınız razılaşırsınız ki, keçmişdə prezident olmuş şəxslərlə bağlı belə bir qanunu qəbul eləmək lazımdır. Amma mən burada “prezident vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirmiş şəxslər” müddəası yazılsın fikri ilə razılaşmıram. Artıq bu, hüquqi deyil, subyektiv mövqedir. Əgər biz o cür yanaşsaq, onda indiyə qədər dünya təcrübəsində mövcud olmuş siyasi və hüquqi yanaşmanın üstündən keçmiş oluruq.
Mən də hesab edirəm ki, konseptual baxımdan bu qanunu qəbul etməliyik. Amma bir sıra təkliflər olub, onlara baxarıq. Misal üçün, pensiya təminatı ilə bağlı müəyyən faizlər, həyat yoldaşına şamil olunması, arxiv yox, kitabxana və sair kimi məsələlərə yenidən nəzər salmaq olar. Təbii ki, biz ikinci oxunuşda müzakirəni davam etdirəcəyik. Bir daha vurğulamaq istəyirəm ki, bu qanun məhz parlamentdə hazırlanıb. Əlbəttə ki, işçi qrupu, komitə sizin təkliflərinizi dinləmək üçün həmişə hazırdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm, qanunun həm məğzinə, həm də gələcəyinə tam aydınlıq gəldi. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz. Qanun 95 səslə qəbul edilir, xahiş edirəm, diqqətli olun.

 Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
 Lehinə  110
 Əleyhinə  3
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  115
 Nəticə: Qəbul edildi

 Çox sağ olun, qəbul edildi. Tənəffüs elan olunur.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi “Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə. Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2006-cı il noyabrın 28-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında” Saziş təsdiq olunmaq üçün sizin müzakirənizə təqdim olunmuşdur.
Məlumat üçün demək istəyirəm ki, cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi hər bir ölkənin milli qanunvericiliyində, o cümlədən bizim qanunvericilikdə də öz əksini tapıb. Amma, eyni zamanda, tərəflərin, yəni Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıqla səmərəli mübarizənin və cinayət mühakimə icraatının vəzifələrinin uğurla həyata keçirilməsindən ötrü belə bir sazişin qəbul olunması çox vacibdir. Hesab edirəm ki, millət vəkilləri bu sazişə müsbət səs verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 16.04 dəq.)
 Lehinə 90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə. Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, icazə versəydiniz, üçüncü, dördüncü və beşinci məsələlərin bir-biri ilə üzvi surətdə bağlı olduğunu nəzərə alıb hər üç məsələni birgə məruzə edərdim. Bunlar bizim bu yaxınlarda korrupsiyaya qarşı mübarizə siyasətimiz çərçivəsində prokurorluq orqanlarının nəzdində olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məhz korrupsiyaya qarşı mübarizə ilə bağlı əməliyyat-axtarış funksiyasının verilməsi ilə əlaqədardır. Yəni üçüncü, dördüncü və beşinci məsələlərə edilən dəyişikliklər bir-biri ilə bağlıdır.
Qeyd etdiyim kimi, artıq belə bir səlahiyyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verilib. Nazirlər Kabinetinə də tapşırılıb ki, müəyyən təşkilati fəaliyyəti həyata keçirsin. Hazırda artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluğun əməliyyatçıları ştatlarına işə qəbul həyata keçirilir.
Qanunvericiliyimizə edilən bu əlavə digər qanunlara da müəyyən əlavələr və dəyişikliklər etmək zərurəti yaratmışdır. Məhz buna görə də gündəliyimizin üçüncü məsələsində – “Prokurorluq haqqında” Qanunda “prokurorluğun müstəntiqləri” sözlərindən sonra bütün maddələrdə “prokurorluğun əməliyyatçıları” sözlərinin əlavə olunması təklif olunur.
Dördüncü məsələdə – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda “prokurorluğun müstəntiqləri” sözlərindən sonra bütün maddələrdə “prokurorluğun əməliyyatçıları” sözlərinin əlavə olunması təklif olunur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda “və prokurorluğun müstəntiqləri” sözləri “prokurorluğun müstəntiqləri və əməliyyatçıları” sözləri ilə əvəz olunur, çünki qeyd etdiyimiz kimi, artıq prokurorluqda əməliyyatçı vəzifəsi də mövcuddur.
Nəhayət, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklif olunur. Qanunun 20-ci maddəsi “Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti” adlanır. Bu maddənin IV hissəsinə “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatlar istisna olmaqla” sözləri əlavə edilir. Bir daha vurğulamaq istəyirəm ki, bütün bu əlavə və dəyişikliklər bizim bir qədər öncə etdiyimiz dəyişikliklə, daha doğrusu, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə həmçinin əməliyyat-axtarış səlahiyyətlərinin verilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu tamamilə məntiqlidir və qanunlarımıza xidmət edən əlavə və dəyişikliklərdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Sözsüz ki, müzakirəyə çıxarılmış məsələyə səs verəcəyəm, amma istərdim ki, bu istiqamətdə islahatlar davam etdirilsin. Biz hamımız çox yaxşı xatırlayırıq ki, Hacı Məmmədovun işi ilə bağlı olaraq o vaxt Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə müxtəlif əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar məktublar göndərilmişdi. Amma o əməliyyat-axtarış tədbirləri lazımi səviyyədə aparılmadığına görə həmin cinayətkar dəstə uzun müddət ölkədə ağır cinayətlər törətmişdi. Onun səbəblərindən biri də odur ki, həmin əməliyyat-axtarış tədbirlərini həyata keçirən şəxslər lazımi səy göstərmirdilər. Çox təəssüf ki, bu belədir.
Biz bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində yalnız korrupsiya cinayətləri ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün bir struktur yaradırıq. Ümumiyyətlə, ona digər ağır cinayətlər üzrə də belə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyəti verilsin, yəni belə bir struktur vahidi yaradılsın. Məsələn, ağır cinayət törətməkdə Milli Təhlükəsizlik Nazirliyinin hər hansı bir əməkdaşı ilə bağlı şübhələr varsa, qoy Baş Prokurorluğun başqa bir orqana əməliyyat-axtarış tədbirləri ilə bağlı məktub yazmasın, bunu özü həyata keçirsin. Yaxud Daxili İşlər Nazirliyini götürək. Eynilə prokurorluq orqanlarında belə hal varsa, qoy bunu da Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış orqanları həyata keçirsin. Ona görə də mənə elə gəlir ki, prokurorluğa təkcə korrupsiya cinayətlərinə görə yox, həm də xüsusilə ağır cinayətlərin istintaqı ilə əlaqədar olaraq əməliyyat-axtarış səlahiyyəti verilməlidir. Heç kim təminat vermir ki, gələcəkdə Hacı Məmmədovun dəstəsi formasında olmasa da, tamam başqa bir dəstə yaradılmasın. Cəmiyyət durduqca bu da olacaq. Bu daha effektli olardı.
Hörmətli Əli müəllim bu məsələləri mütəmadi olaraq Prezident Administrasiyası ilə razılaşdırır, bu islahatlar üzərində işləyirlər. Məncə, artıq respublikada vahid istintaq komitəsinin yaradılmasının zamanı çatıb. Hazırda, səhv eləmirəmsə, Azərbaycanda 8 istintaq orqanı var. Hər nazirliyin az qala özünün istintaq orqanı var. Belə olduğu halda bu istintaq orqanlarına səmərəli prokuror nəzarətindən söhbət gedə bilməz. Amerika Birləşmiş Ştatlarında Federal Təhqiqat bürosu var. Rusiyanın özündə İstintaq komitəsi yaradıldı. Baş prokurorun yanında bir istintaq komitəsi yaradılmalıdır və onun da başçısı birbaşa Prezident tərəfindən təyin olunmalıdır. Bu istintaq komitəsinə də, hesab edirəm, kifayət qədər səlahiyyətlər verilməlidir. Bu halda istintaqa yüksək səviyyədə nəzarətdən söhbət gedə bilər.
Başqa bir məsələni də mən vaxtilə burada qaldırmışam və bunu bir daha söyləmək istəyirəm. Hələ 2000-ci ildən Azərbaycanda Andlı iclasçılar institutu tətbiq olunub, amma hələ də fəaliyyət göstərmir. Zamanı çatıb ki, artıq bu məsələlər də ölkənin siyasi rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılsın və Andlı iclasçılar institutu Azərbaycanda fəaliyyətə başlasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç. Qənizadə. Sağ olun. “Prokurorluq haqqında” Qanuna, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna və eyni zamanda, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər məntiqlidir və sözün əsl mənasında, biz “Prokurorluq haqqında” Qanunda olan boşluqları doldurmaqla məşğuluq. Ona görə də mən bunun xırda detallarına varmayacağam, amma bir məsələni qeyd etmək istəyirəm.
Deməli, bizə təqdim olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin 10.0.7-ci maddəsi ilə “Prokurorluq haqqında” Qanunun arasında ziddiyyət var. Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, idarə və şöbə prokurorları və böyük müstəntiqlərinin təsnifat məsələsi bizə təqdim olunan sənəddə öz əksini tapmayıb. Mən elə hesab edirəm ki, bu, texniki səhvdir, amma onun hər hansı bir formada ora düşməməsi mənim üçün bir az maraqlıdır. İstərdim ki, bu nəzərə alınsın və hazırkı sənəddə öz əksini tapsın.
Biz korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanuna əlavə və dəyişikliklər elədik. Həqiqətən, əməliyyat-axtarış fəaliyyəti də Korrupsiyaya qarşı Mübarizə İdarəsində, prokurorluq orqanlarının səlahiyyətində qalmalıdır. Ona görə təklif olunan yeni variantı mən məntiqə uyğun hesab edirəm.
Burada Qüdrət müəllim qeyd elədi, biz islahatlardan söhbət edirik. Doğrudan da, müxtəlif qurumlarda – məhkəmə hakimiyyətində, prokurorluq orqanlarında və sairdə müəyyən islahatlar gedir. Mən yeri olmasa da, imkan yarandığı üçün bir məqamı qeyd etmək istəyirəm. Son günlər mətbuatda qeyd olunur ki, Ali Məhkəmənin hakimlərinin kabinetləri və iş otaqları monitorlar vasitəsilə sədr tərəfindən izlənilir. Bunu qətiyyətlə pisləyirəm. Əgər belə hallar varsa, mən çox istərdim ki, bu məsələyə münasibət bildirilsin və bu hal yığışdırılsın. Çünki məhkəmə, hakimlər müstəqildirlər. Onlar xüsusilə iclas zallarında, müşavirə otaqlarında tam müstəqildirlər. Belə hesab edirəm ki, bu, Azərbaycan Məhkəmə hakimiyyətinin imicinə xələl gətirən bir prosesdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Sədr. Mən hesab edirəm ki, yalnız qanuna dəyişiklikdən yox, korrupsiya ilə rüşvətxorluğa qarşı dövlətin prinsipial siyasətinin növbəti addımından söhbət gedir. Bu dəyişiklik bunu bir daha təsdiqləyir.
Dünən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclası keçirildi və Prezident cənab İlham Əliyev orada geniş çıxış etdi. Çıxışının bir hissəsində məhz buna toxunmuşdu ki, Azərbaycan dövlətinin, indiki hakimiyyətin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəsi kampaniya deyil, bu bir sistemdir, tədbirlər toplusudur və bundan sonra da davam etdiriləcək. Hesab edirəm ki, bu dəyişiklik Azərbaycandakı indiki dövlətin və hakimiyyətin apardığı prinsipial siyasətin növbəti addımlarından biridir. Biz qanunvericiliyimizdə bu istiqamətdə təkmilləşdirmənin bundan sonra da növbəti yenilikləri ilə rastlaşacağıq. Dəyişikliyi müdafiə edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 16.15 dəq.)
 Lehinə  102
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 16.16 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, beşinci məsələyə – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.
 Səsvermənin nəticələri  (saat 16.16 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin altıncı məsələsi “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Arif  Rəhimzadə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə təqdim eləmək Arif müəllimdən asılıdır. Buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Yaxşı təklifdir, cənab Sədr. “Bələdiyyələrin statusu haqqında” Qanuna əlavə edilən 10-1-ci maddə bələdiyyələrin beynəlxalq münasibətlərini tənzimləyir. İndiyə kimi belə bir maddə olmayıb. Bələdiyyələr bir çox hallarda, istəsələr də, xaricdə, beynəlxalq təşkilatların işində iştirak edə bilmirdilər.
Növbəti düzəliş qanunun 15-ci maddəsinə olub. Bu maddə bələdiyyə üzvünün əmək haqqı ilə bağlıdır. Mövcud qanunda da bu məsələlər var idi, ancaq çox qeyri-konkret yazılmışdı. Buna görə də bələdiyyələrdə çox böyük çətinliklər yaranırdı. Bələdiyyə üzvlərinin hamısı istəyir ki, onlara məvacib versinlər. Bu məsələ konkretləşdirilir və nəzərdə tutulur ki, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvləri bələdiyyə büdcəsindən məvacib ala bilərlər. Bu adamlar elmi, yaradıcılıq, pedaqoji fəaliyyət istisna olmaqla başqa fəaliyyətlə məşğul ola bilməzlər.
İkinci əsas məsələ ondan ibarətdir ki, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin say həddi müəyyənləşdirilir. Bələdiyyə üzvlərinin sayından asılı olaraq bu üzvlərin sayı iki nəfərdən beş nəfərə kimi müəyyənləşdirilir. Bu saya mütləq bələdiyyənin sədri və bələdiyyənin müavini də daxil edilir.
Növbəti düzəliş 16-cı maddəyə edilib. Bu maddə bələdiyyə iclasının aparılmasının qaydalarını müəyyənləşdirir. Əslində, mövcud qanunda bu maddələr olub, lakin qeyri-konkret yazıldığı üçün müəyyən çətinliklər yaradıb. Burada hər bir şey öz əksini tapıb. Hətta bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilirlər və sair.
Bu maddənin ikinci hissəsində qeyd olunur ki, bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakı olduqda çağırıla bilər. Mövcud qanunda 10 faiz nəzərdə tutulurdu.
Burada çox vacib məsələlərdən biri odur ki, bələdiyyə sədri və ya sədr olmadıqda, onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə hər hansı bir formada mane olduqda, bələdiyyə üzvləri özləri iclas keçirə, sədr seçə bilərlər. Bura təzə bir 6-cı bənd daxil edilib. Burada bələdiyyələrin bütün iclaslarının protokollaşdırılması qaydaları verilib. Bu bənd indiyə kimi olmayıb və müəyyən çətinliklər yaradırdı.
17-ci maddəyə edilən dəyişiklik redaksiya xarakterlidir, bu haqda geniş danışmaq istəmirəm, dəqiqləşmə gedib.
19-cu maddəyə edilən əlavə bələdiyyə sənədlərinin təhvil verilməsini və tənzimlənməsini əks etdirir. Nəzərdə tutulur ki, səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri yeni sədrə təhvil verməlidir. İndiyə kimi bu bənd də olmayıb.
Növbəti düzəliş 22-ci maddəyə edilib. Burada bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin əsasları sadalanır. Bu maddənin beşinci bəndində nəzərdə tutulurdu ki, 4 aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar öz vəzifəsini icra eləyə bilməyən bələdiyyə üzvü vəzifəsindən azad edilir. Yeni variantda bu müddət 6 ay nəzərdə tutulur. 6-cı maddədə nəzərdə tutulur ki, ardıcıl olaraq 3 dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilir. Bu maddə indiyə kimi nizamnamədə var idi, amma çox qeyri-konkret və hər bir nizamnamədə müxtəlif formada əks etdirilirdi.
Qanun layihəsinin 33-cü maddəsinə də redaktə xarakterli düzəliş edilib. Misal üçün, yazılır ki, “bələdiyyə” sözü “qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə” sözləri ilə əvəz edilsin.
Növbəti məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanuna edilən dəyişikliklə bağlıdır. Mövcud qanunda nəzərdə tutulur ki, büdcə ildə bir dəfə, ilin yekununa görə müzakirə olunur. İndi isə nəzərdə tutulur ki, yarımillik müzakirələr də mümkündür. Müddətlər də müəyyən olunubdur. Göstərilib ki, neçə gün ərzində hesabatlar təqdim olunmalı və hansı qaydada seçicilərə çatdırılmalıdır.
Gündəliyin növbəti məsələsi “Bələdiyyə qulluğu haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. Qanunun 2-ci maddəsinin ikinci cümləsində “şəxs” sözü “işçi” sözü ilə əvəz edilibdir. Redaktə xarakterli bir düzəlişdir.
“Bələdiyyənin icra aparatı” adlanan 3-cü maddəyə yeni bir abzas əlavə edilibdir. Burada bələdiyyənin icra aparatının vəzifələri müəyyənləşdirilir.
Növbəti məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədədir. “Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları” adlanan 7-ci maddəyə edilən düzəlişin məğzi ondan ibarətdir ki, xüsusi mülkiyyətə verilməyən torpaqlar Torpaq Məcəlləsində olduğu qaydada verilib, bir qədər də genişləndirilibdir.
Növbəti düzəliş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna edilib. Bu qanunun 3-cü maddəsinə yeni bir 3-cü bənd əlavə olunubdur: Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanunun 10, 12 və 16-cı maddələrinə redaktə xarakterli düzəlişlər edilibdir. Mən bunlar haqqında danışmıram, yəqin ki, tanış olmusunuz.
“Bələdiyyənin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna da bir neçə düzəliş edilibdir. Bu qanunun IV bölməsinin 2-ci bəndində redaktə xarakterli belə bir düzəliş olub: “Yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq”. Bələdiyyənin daimi və başqa komissiyaları bu məsələdə səlahiyyətlidirlər. Əlavə ondan ibarətdir ki, bura “bələdiyyənin qərarına əsasən” sözləri əlavə edilib.
Növbəti düzəliş “Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi” adlı VI bölməyə edilib. Burada bələdiyyə aktlarının elan edilməsi qaydaları müəyyənləşdirilir: “Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.
Qanunun VIII bölməsinə edilən düzəliş ondan ibarətdir ki, burada bələdiyyə üzvlərinin pul müavinətləri müəyyənləşdirilir. İndiyə kimi bu çox qeyri-konkret yazılmışdı və bələdiyyələrdə böyük narazılıqlar var idi. Bələdiyyə üzvlərinin çoxu istəyirdi ki, məvacib əsasında işləsinlər. Burada qeyd olunur ki, bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə orta aylıq əmək haqqının bir misli məbləğində müavinət verilir. Səlahiyyətini daimi əsasla icra edən və səlahiyyət müddəti qurtardıqdan sonra iki ay bələdiyyə üzvlüyünə seçilməyən bələdiyyə üzvünə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir. Bu məsələ indiyə kimi düzgün tənzimlənmirdi və bələdiyyə üzvlərinin hamısı elə hesab edirdilər ki, bu müavinəti ala bilərlər.
Növbəti məsələ Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. 17 yaşayış məntəqəsinin əsasında 9 yeni inzibati ərazi dairəsi yaradılır. Bu ərazi dairələri Balıqçılar qəsəbə inzibati ərazi dairəsi, Ləj kənd inzibati ərazi dairəsi, Kənarmeşə kənd inzibati ərazi dairəsi, Kosalar kənd inzibati ərazi dairəsi, Şıxakərən kənd inzibati ərazi dairəsi, Sovu kənd inzibati ərazi dairəsi, Qurumba kənd inzibati ərazi dairəsi, Vəliton kənd inzibati ərazi dairəsi və Fuador kənd inzibati ərazi dairəsidir. Bu yaşayış məntəqələrinin lazımi mədəni və sosial obyektləri var. Bunların ayrılması əhaliyə lazımi xidmət göstərməkdən ötrü vacibdir və heç bir problem törətməyəcək. Eyni zamanda, yeni inzibati ərazi dairələrinin yaradılması bu yaşayış məntəqələrinin inkişafına böyük təkan verəcəkdir.
Nəhayət, axırıncı məsələ Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsidir. Nəzərdə tutulur ki, Ağamalı kəndi Çanaqçı kəndi, Əliismayıllı kəndi Alnabat kəndi, Dikbaş kəndi Qızıltorpaq kəndi, Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılsın. Bu yaşayış məntəqələrinin əsasında yaradılan inzibati ərazi dairələrinin adları da dəyişdirilir. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlarım, mən bu gün müzakirəyə təqdim olunan “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirmək istəyirəm. Təklif olunan maddələr bələdiyyələrin inkişafı, xüsusilə beynəlxalq əlaqələrinin qurulması üçün mühüm əhəmiyyət daşıyır. 10-1-ci maddədə müəyyən təkmilləşdirmələrə ehtiyac var. Həqiqətən də, bu gün bələdiyyələrin beynəlxalq əlaqələri çox aşağı səviyyədədir, bəlkə də yox səviyyəsindədir. Nəzərə alaq ki, bu gün heç bir bələdiyyə beynəlxalq qurumların üzvü deyildir. Azərbaycan bələdiyyələrinin xarici dövlətlərdə fəaliyyət göstərən bələdiyyələrlə əməkdaşlıq imkanları geniş olsa da, demək olar, bundan maksimum dərəcədə faydalanmırlar. Bu baxımdan da belə bir maddənin qəbul edilməsi çox aktualdır. Amma hesab edirəm ki, burada da bir neçə məsələyə diqqət yetirmək lazımdır.
Birinci, burada deyilir: “Bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla...” Razılaşdırmaq məsələsinə bir balaca aydınlıq gətirmək istəyirəm. Ümumiyyətlə, beynəlxalq təcrübədə belə bir müddəa varmı? Nəzərə alsaq ki, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır və bələdiyyə üzvləri birbaşa xalq tərəfindən seçilirlər, onların xarici dövlətlərlə əlaqələrinin qurulması məsələsinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması, məncə, müəyyən suallara səbəb ola, həm də bələdiyyələrin müstəqilliyi məsələsinə zərər vura bilər. Bu müddəaya daha diqqətlə yanaşılmasını istərdim.
Digər tərəfdən, burada əməkdaşlıq, məncə, bir az çərçivəyə salınıbdır. Burada yalnız ikitərəfli əməkdaşlıqdan və bir də yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarından söhbət gedir. Hesab edirəm ki, bu müddəa daha da genişləndirilməlidir. Məsələn, beynəlxalq təşkilatlara üzvlük məsələsi niyə bu maddədə öz əksini tapmır? Bilirsiniz ki, Avropa Şurasının müvafiq konqresi var. Həmin konqreslə də biz hələlik heç bir sahədə əməkdaşlıq etmirik. Biz niyə indidən bələdiyyələr üçün məhdudiyyət yaradırıq ki, hər hansı bir fondla və yaxud da beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməsinlər? Bilirsiniz ki, bu gün dünyada çoxlu sayda fondlar, beynəlxalq maliyyə institutları var. Bu təşkilatlar böyük məmnuniyyətlə yerli özünüidarəetmə orqanlarının inkişafına maliyyə ayırmağa hazırdırlar. Amma təəssüflər olsun ki, bu müddəalarla biz sanki müəyyən mənada çərçivə yaradırıq. Hesab edirəm, bu məsələyə də baxılsa, yaxşı olar.
Nəhayət, sözü gedən qanun layihəsində bir məsələ də diqqətimizi çəkdi. Bu da 2-4-cü maddə ilə bağlıdır. Burada hörmətli Arif müəllim bu maddə ilə bağlı izah etdi ki, bələdiyyə üzvlərinin maaş almaları, yaxud da daimi işləmələri məsələlərində məhdudiyyəti müəyyənləşdirməliyik. Bu da bələdiyyələrin imkanlarından asılı olan bir məsələdir. Burada maaş ala və daimi əsaslarla fəaliyyət göstərə biləcək bələdiyyə üzvlərinin də miqdarı müəyyənləşdirilir. Məncə, burada, ümumiyyətlə, müəyyənləşdirilməməlidir, heç olmasa, minimum şərait yaratmaq lazımdır. Yəni burada say həddi minimumla göstərilsin. Əgər gələcəkdə bələdiyyənin imkanı olarsa, 2 deyil, 3 üzvə maaş versin, yaxud da onların daimi əsaslarla fəaliyyət göstərməsini dəstəkləsin. Mən hesab edirəm ki, bu məsələyə də baxmaq olar.
Bütövlükdə burada elə müddəalar var ki, bəlkə də bunları qanunvericiliyə gətirməsək də olar. Yəni nizamnamənin, yaxud əsasnamənin tələblərini biz burada müəyyənləşdirmişik. Hörmətli Arif müəllim belə əsaslandırdı ki, müddəa daha konkret olmalıdır. Konkretlik baxımından, əlbəttə, daha yaxşı olardı. Amma artıq qanunvericilik təcrübəsindən bilirik ki, qanunun predmeti daha konkret olur. Eyni zamanda, digər hüquqi normativ aktlarla tənzimlənən məsələlər qanunvericiliyə gətirilmir. Bütövlükdə mən bu layihəyə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Hörmətli sədarət, bələdiyyələr yaradıldığı və ilk bələdiyyə seçkilərinin keçirildiyi vaxtdan etibarən mən, demək olar ki, bu institut barədə bir dəfə də olsun fikir bildirməmişəm. Səbəb isə ondan ibarətdir ki, bu institut yeni yaradılmışdı və hələ də özünü hansı səviyyədə nümayiş etdirəcəyi bəlli deyildi. Amma zaman keçdikcə şahid olduq ki, bələdiyyələr ölkənin ictimai-iqtisadi həyatında daha fəal rol oynamağa başlayır. Bir çox bələdiyyələr yerləşdikləri ərazinin abadlaşdırılmasında, əhalinin, eləcə də öz ərazilərinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edir, yenidənqurma və quruculuq işlərində böyük səylə fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, bunu bütün bələdiyyələrə münasibətdə demək mümkün deyil.
Şəxsən mən öz təcrübəmdən deyə bilərəm ki, seçildiyim dairədəki bəzi bələdiyyələrin sədrləri açıq-aşkar cinayət əməlləri ilə məşğul olur, vəzifədən sui-istifadə etməklə bələdiyyə torpaqlarında şəxsi bizneslərini qururlar. Bunlarla bağlı hətta müvafiq qurumların sübutları və rəyi olduğu halda həmin bələdiyyə rəhbərləri barəsində heç bir hüquqi tədbir görülmür. Bu baxımdan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda dəyişiklikləri mən çox zəruri hesab edirəm. Bu qanuna əlavə edilən 3.3-cü maddəyə əsasən “Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”. Bu maddənin mahiyyəti çox böyükdür. Elə hallar da olur ki, müvafiq bələdiyyənin fəaliyyəti ilə bağlı araşdırma aparılır, amma nəticəsi ictimaiyyətdən gizli saxlanılır.
Ümumiyyətlə, bələdiyyələrin fəaliyyəti hüquqi baxımdan tam şəkildə hələ ki, tənzimlənməmişdir. Buna görə də bu sahədə ola biləcək boşluqları aradan qaldırmaq, onların fəaliyyətinə daha güclü nəzarəti təmin etmək lazımdır. Bu baxımdan 7 və ya 8 qanunda dəyişikliklər edilməsini mən çox müsbət hal sayıram. Buna misal olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsindəki dəyişikliyi göstərmək olar. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qəbul edilməsindən 10 il keçməsinə baxmayaraq, 7.2-ci maddədə biz yalnız indi dəyişiklik edirik. Ümumi istifadədə olan yerlərin adlarını konkret göstəririk. Halbuki bu müddət ərzində ümumi istifadədə olan və xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilən bir çox yerlər artıq bəzi bələdiyyələr tərəfindən xüsusi mülkiyyətə verilmişdir. Bununla bağlı hörmətli Arif Rəhimzadəyə belə bir sualım var: bu qanun qəbul olunduqdan sonra artıq xüsusi mülkiyyətə verilmiş bir çox yerlərin aqibəti necə olacaq? Bu mühüm məsələdir. Yəni onlar yenidən bələdiyyə mülkiyyətinə qaytarılacaqmı və belə olan halda insanlara kompensasiyalar veriləcəkmi? Düşünürəm ki, bələdiyyələrlə bağlı qanunvericilik ətraflı təhlil edilsə, xeyli sayda belə boşluqlarla qarşılaşarıq.
“Bələdiyyələrin statusu haqqında” Qanunla bağlı bir neçə təklifim var. Qanunun 15-ci maddəsinin 2-3-cü hissəsində göstərilir: “Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu maddənin 2-2-ci hissəsində nəzərdə tutulan bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir”. Amma diqqət yetirin. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə işçi tərəfindən 1 ay əvvəlcədən işəgötürəni xəbərdar etməklə xitam verilə bilər. Deməli, qanundakı 5 günlük müddətlə məcəllədəki 1 ay müddəti heç cür üst-üstə düşən rəqəmlər deyildir. Düşünürəm ki, bələdiyyə üzvü seçilmiş şəxsin yerinə yeni işçi tapması üçün işəgötürənə 5 gündən bir qədər çox müddət verilsə, daha ədalətli olardı, həm də bu maddə Əmək Məcəlləsi ilə uyğunluq təşkil edərdi.
Digər bir məsələ 16-cı maddənin 1-ci bəndinin üçüncü hissəsi ilə bağlıdır. Orada yazılır: “Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir”. Buradakı “əvvəldən” sözü mücərrəddir, qanunvericiliyə görə isə qeyri-müəyyən...
Sədrlik edən. Məgər qeyri-ciddi qanunu müzakirə edirik? Buyurun, 1 dəqiqəyə fikrinizi yekunlaşdırın.
E. Axundova. 7 qanunu birdən müzakirə edirik, mənim 3–4 qanunla bağlı təkliflərim var. Ona görə də bu məsələlərə, zəhmət olmasa, bir az vaxt ayıraq.
Sədrlik edən. Vaxt ayrılıb. Bayaq qərar qəbul etdik, xahiş edirəm, 5 dəqiqə ərzində fikirlərinizi yekunlaşdırın. Biz protokol qaydasında qərar qəbul etdik, hamı da buna səs verdi. Buyurun, fikrinizi yekunlaşdırın.
E. Axundova. Lazım deyilsə, çıxış etməyək. Bu təklifləri mən yazılı surətdə verə bilərəm. Mən demək istəyirəm ki, burada çox ciddi məsələlərdən söhbət gedir və biz buraya elə-belə vaxt keçirməyə yığılmamışıq. Biz də dəyərli təkliflər verməliyik. 5 dəqiqə çox azdır və lazım gələndə 10 dəqiqə də ola bilər. Mən təkliflərimi yazılı surətdə Arif müəllimə təqdim edəcəyəm.
Axırda da demək istəyirəm ki, bu yaxınlarda boş qalan bələdiyyələr üzrə seçkilər keçiriləcək. Çox istərdim ki, bələdiyyələrə layiqli, savadlı, vətənpərvər insanlar namizədliklərini verib seçilsinlər. Bələdiyyə də seçkili orqandır. Onlar da deputatlar kimi xalq tərəfindən seçilirlər və vəzifələri də xalqa xidmət etmək, onun hüquqlarını qorumaq, ona hər zaman dəstək durmaqdır. İstərdim ki, yeni seçilənlər məhz bu prinsiplər əsasında öz gələcək fəaliyyətlərini qursunlar.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Arif müəllimin təqdim etdiyi bütün qanunlardakı dəyişiklikləri müsbət hesab edirəm və bunlara səs verəcəyəm. Eyni zamanda, mən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun kontekstində bir sıra fikirlərimi bildirmək istərdim. Onu deyim ki, bələdiyyələrə Azərbaycan torpaqlarının dörddə biri qədər, yəni 2 milyon hektardan artıq torpaq verildi. Əgər həmin torpaqların bir hissəsindən bələdiyyə mülkiyyəti kimi istifadə olunsaydı, bu gün bələdiyyələrin dotasiya almağa da ehtiyacı qalmazdı, xeyli dərəcədə varlı bələdiyyələrimiz olardı. Amma təəssüflər olsun ki, bələdiyyələr həmin torpaqları satdılar və beləliklə də, dövlət mülkiyyətində olan torpaqların bir hissəsi satıldı. Ona görə də bu gün biz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda edilmiş dəyişikliklə məsələni konkretləşdiririk. Meşə-parkların, parkların, əhalinin mal-qarası üçün istifadə olunan torpaqların, nəinki bələdiyyənin özünün mülkiyyətində, hətta dövlətin mülkiyyətində olan həmin kateqoriyaya aid torpaqların xeyli hissəsini bələdiyyələr satıblar. Bələdiyyələrin indi satmağa bir şeyi qalmayıb. Onda sual yaranır: belə bir vəziyyətdə bələdiyyələrin gələcəyi necə olacaq? Qanunsuz satılan həmin torpaqların taleyi necə olacaq?
Mən bir məsələni də qaldırmaq istərdim. Sonuncu dəfə Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməklə bələdiyyələrə münasibətdə Milli Məclisin səlahiyyətləri xeyli dərəcədə artıb. Bələdiyyələrin taleyi ilə bağlı Milli Məclisin səlahiyyətləri ilə paralel məsuliyyəti də artır. Ona görə də təklif etmək istərdim ki, bələdiyyələrə münasibətdə qanunlarda redaktə xarakterli dəyişikliklərdən konsepsiya xarakterli dəyişikliklərə keçək.
Yaxşı olar ki, hörmətli Arif müəllimin, digər komitələrin, qeyri-hökumət təşkilatlarının bu sahə üzrə mütəxəssislərinin, yaxşı və pis işləyən bələdiyyələrin nümayəndələrinin iştirakı ilə Milli Məclisdə bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının artırılması mövzusunda bir konfrans, dəyirmi masa keçirilsin. Həmin konfransda bilavasitə bələdiyyələrin bütün problemlərinə baxılsın.
Biz hər il bələdiyyələrə dotasiya ayırırıq. Həmin dotasiyanı bələdiyyələrin sayına böləndə aya 170 manat dotasiya düşür. Bu da heç bir işçinin maaşının verilməsinə imkan yaratmır. Son dövrlərə qədər bələdiyyələrin əsas gəlirlərinin 70 faizə qədəri torpaqdan əmələ gəlirdi. İndi artıq satılası torpaq da yoxdur. Belə bir şəraitdə bələdiyyələrin maliyyə imkanlarının artırılması mövzusunda Milli Məclisdə bir dəyirmi masanın keçirilməsinə, əlaqədar təşkilatların, mütəxəssislərin həmin dəyirmi masada iştirak etməsinə və bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə paralel maliyyə imkanlarının da artırılması istiqamətində bir konsepsiyanın və hüquqi təminatın kompleks şəkildə təkmilləşdirilməsinə tərəfdaram.
Burada qaldırılan məsələləri müsbət qiymətləndirirəm. Amma xeyli hissəsi kosmetik xarakterli təkliflərdir. Bələdiyyələrin qarşısında duran bugünkü vəzifələrin bələdiyyələr tərəfindən səmərəli yerinə yetirilməsi üçün bu cür dəyişikliklər kifayət etmir. Ona görə də bələdiyyələrin statuslarının artırılması, yerli icra orqanı ilə bələdiyyələrin səlahiyyətlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi istiqamətində belə bir tədbirin keçirilməsi vacibdir. Bundan sonra konsepsiyadan irəli gələn yeni qanunlar qəbul olunmalı və ya mövcud qanunlarda redaktə xarakterli yox, sözün həqiqi mənasında dəyişikliklər edilməlidir. Bələdiyyələrə ikinci nəfəs, bələdiyyələrin inkişafına təkan verməli olan bir hüquqi bazanın formalaşdırılmasının ağırlığını Milli Məclis öz üzərinə götürsə, hesab edirəm ki, bu çox faydalı bir iş olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, təklif olunan dəyişikliklər, hesab edirəm ki, yerindədir. Amma burada məndən öncə də deputat həmkarlarım söylədilər. Keçən il ölkəmizdə ekologiya ili elan olunmuşdu. Yəqin ki, bu layihəni hazırlayanlar məndən inciməzlər, əziyyət çəkiblər. Gör nə qədər kağız istifadə edirik. Bələdiyyələrin səlahiyyətlərini artırmadan bu əlavə və dəyişikliklər işin keyfiyyətinə o qədər də müsbət təsir göstərməyəcək. Burada qeyd olundu ki, büdcədən bələdiyyələrə 3 milyon pul ayırırıq. Bunları böləndə hərəsinə cüzi bir məbləğ düşür. Sonra büdcə vəsaitlərinin xərclənməsinə nəzarət adı altında bələdiyyələri də yoxlayırıq, onların maliyyə-təsərrüfat fəaliyyətini araşdırırıq. Əslində, bir çox hallarda işlərinə də mane oluruq. Mən nəyi söyləmək istəyirəm?
Dünən Nazirlər Kabinetində keçirilən müşavirədə cənab Prezident də söylədi, ölkənin xarici banklarda 40 milyarda qədər pulu var. Mən Milli Məclisin tribunasından elan edirəm ki, bu nə qədər sevindiricidirsə, ölkənin milli təhlükəsizliyi baxımından bir o qədər də təhlükədir. Bu, ölkənin milli təhlükəsizliyini təhdid edən bir faktdır. Xaricdə çoxlu pul saxlamaq qorxuludur. Bunu ciddi almaq lazımdır və bir çox ölkələrin başına gələn fəlakətlərin böyük hissəsi onların xaricdə çoxlu pul saxlamaları ilə bağlıdır. Həmin ölkənin daxili işlərinə əl qoyurlar, sonra da deyirlər ki, bu puldan gözünü çək, əvəzində ölkəni bərpa etmək üçün sənə sement, beton verək. Yaxud istehsal etdiyimiz malları bir-iki qat bahasına sataq, get, indi ölkəni təzədən qur, bərpa et. Ona görə də bu qədər pulu xaricdə saxlamağa ehtiyac yoxdur.
Biz Dövlət Neft Fondu haqqında qanun layihəsini, Ziyafət müəllim, Milli Məclisə təqdim etmişik. Orada göstərilir ki, Dövlət Neft Fondunda toplanan vəsaitin bir hissəsi, 25 faizə qədəri Azərbaycan Respublikasının banklarında saxlanmalıdır. Bundan başqa, hesab edirəm ki, Dövlət Neft Fondundan bələdiyyələrə kifayət qədər vəsait ayrılmalıdır ki, bələdiyyələr qəsəbədaxili, kənddaxili yolları bərpa edə bilsinlər. Açıq etiraf edək, onların topladıqları vergi ilə, 5–3 manatla qəsəbə və kəndlərdə heç bir abadlıq işləri görmək, problemləri həll etmək mümkün deyil. Pulumuz var, sadəcə, həmin pulu ölkəyə gətirmək və vermək lazımdır, bu işlər görülsün. Bəzən deyirlər ki, hansısa işlər baha görülür. Lap 10 qat baha görülsün. Dünən xaricdə saxladığımız bir dollarla ala biləcəyimiz hansısa maddi neməti bu gün heç 2 dollara ala bilmirik. Amerika Birləşmiş Ştatlarının dövlət borcu trilyonla ölçülür. Bu qədər borcu qaytarmaq üçün istər-istəməz dollar qiymətdən salınacaq və salınır. Ona görə də bu gün xaricdə saxladığımız 40 milyard dolların alıcılıq dəyərinə bir də baxmalıyıq. Bu gün 20 milyarda aldığımızı bir ildən sonra 40 milyarda da ala bilməyəcəyik. Həmin pullar gətirilməli və ölkənin abadlaşdırılmasına xərclənməlidir.
Hərdən biz deyirik ki, körpülər də baha tikilir, yollar baha çəkilir və sair. Amma illər keçib, Bağırov körpüsü var. Heç soruşan var, Bağırov həmin körpünü neçəyə tikib? Amma körpü tikilib, Azərbaycan üçün qalıb. İndi də bu pulların hesabına körpülər salınmalı, zavodlar, fabriklər tikilməli, kəndarası yollar abadlaşdırılmalıdır. Bu, siyasi qərardır, təkcə Milli Məclisin həll etdiyi məsələ deyil. Burada hakim partiyanın rəhbərliyində olan şəxslər oturublar, bu məsələ barədə ciddi düşünülməlidir. Təkrar söyləyirəm, xaricdə çox pul saxlamaq ölkənin milli təhlükəsizliyinə təhdiddir.
Niyə bələdiyyələr bu gündədir? Ona görə ki, bunları real fəaliyyət göstərən bir qurum kimi yaratmadıq. “Bizdə də bələdiyyə var” prinsipi ilə yaratdıq. Mən niyə belə deyirəm? Bəlkə də bəzi həmkarlarım məni düzgün başa düşməzlər. Ona görə ki, müəyyən səlahiyyətləri, funksiyaları yerinə yetirən icra hakimiyyəti strukturları da var. Həmin strukturların heç biri ləğv olunmadı. Yerli icra hakimiyyəti orqanlarında bələdiyyələr yaradıldıqdan sonra heç bir ixtisar aparılmadı.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun. Mənim çıxışım çıxışdan daha çox sualdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinin 2-ci bəndində belə bir cümlə var: “Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz”. Mən, düzü, bunun məntiqini başa düşə bilmirəm. Niyə elmi, yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olan insan işləyə bilər, ancaq digəri işləyə bilməz? Mən belə təsəvvür edirəm ki, bələdiyyədə işini bitirdikdən sonra elmi, yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Yəni digər günlər məşğul ola bilər. Ancaq pedaqoji fəaliyyətlə iş saatları eyni vaxta düşür. Gecə məktəbləri yoxdur, deyim ki, məsələn, gecə məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. Yəni pedaqoji fəaliyyətlə məşğul olduğu vaxt bələdiyyə üzvü, əslində, bələdiyyədə işləməlidir. Bu məntiqi başa düşə bilmirəm. Nəyə görə pedaqoji fəaliyyət buraya əlavə olunub? Bu məsələ ilə əlaqədar, Ziyafət müəllim, istərdim, mənə cavab verilsin. Ancaq gələcək üçün fikirləşməliyik ki, bələdiyyələrə seçilən insanların 5 illik fəaliyyətləri qurtarandan sonra onlar nə işlə məşğul olmalıdırlar? Sağ olun.
Sədrlik edən. Sağ olun, Hikmət müəllim. Hörmətli deputatlar, müzakirələrdə təkrara çox yol verilir. Əsas məsələnin mahiyyəti ilə əlaqədar kifayət qədər çıxışlar oldu. Belə başa düşdüm ki, hörmətli deputatlarımız bu qanunlara edilən dəyişikliklərin və əlavələrin qəbul olunmasına tərəfdardırlar. Sadəcə, müəyyən təkliflər də verdilər. Əlbəttə, həmin təkliflərə gələcəkdə baxmaq olar. Bizim çox ciddi bir qanun layihəmiz də var. “Psixiatriya yardımı haqqında” Qanunda dəyişikliklər edilməlidir. Əgər bu qanun layihələri ilə bağlı təkid edən yoxdursa, bəlkə səs verək, qəbul edək? Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, 6-cı məsələyə, “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

 Səsvermənin nəticələri  (saat 16.55 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
7-ci məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.55 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.56 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.57 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.57 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında layihəyə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.58 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.58 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 16.59 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələr (saat 17.00 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təşəkkür edirəm.
Növbəti məsələ “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev məlumat verir. Üzr istəyirəm, Musa müəllimə söz verilənə qədər məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı, Azərbaycan Dövlət Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli iclasda iştirak edir. Əgər suallarınız olsa, ona da müraciət edə bilərsiniz. Buyurun, Musa Quliyev.
M. Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, psixiatriya təbabətin elə bir xüsusi sahəsidir ki, burada insanlar tibbi problemlərlə yanaşı tez-tez hüquqi, sosial, mənəvi və digər problemləri çözmək zərurəti qarşısında qalırlar. Ona görə də bu sahədə mükəmməl hüquqi bazanın olması vacibdir.
Azərbaycanda “Psixiatriya yardımı haqqında” Qanun 2001-ci ildə qəbul olunubdur. Qanun qəbul olunandan ötən 10 il ərzində həm beynəlxalq aləmdə ruhi xəstələrə və təbabətin psixiatriya sahəsinə yeni tələblər yaranmış, həm də ölkəmizdə gedən ardıcıl demokratikləşmə prosesi, insan haqlarının, hüquq və azadlıqlarının genişlənməsi, daha dönməz şəkil alması, eləcə də səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi kimi psixiatriya klinikalarının yenidən qurulması və psixiatriya yardımının səviyyəsinin yüksəlməsi bu sahəyə yeni tələblərin ortaya çıxması, mövcud qanunlara bir sıra əlavə və dəyişikliklər edilməsi zərurəti yaratmışdır.
Qanunda edilən dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının psixiatriya yardımının keyfiyyətinin yüksəldilməsi və insan haqlarının qorunması ilə bağlı son illərdəki tövsiyələrini nəzərə almaqla hazırlanmışdır. Qanun layihəsi Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin və Azərbaycan Psixiatrlar Assosiasiyasının təklifləri əsasında, onların ekspertlərinin və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin mütəxəssislərinin də daxil olduğu işçi qrupu tərəfindən hazırlanmışdır. Qanunun 22 maddəsində 41 dəyişiklik təklif olunur. Hər bir dəyişikliyin üzərində ətraflı dayanıb vaxtınızı almaq istəmədiyimdən ümumiləşdirərək bildirirəm ki, təklif olunan dəyişiklikləri mahiyyətinə görə üç qrupa ayırmaq olar.
Birinci qrup dəyişikliklər anlayışların dəqiqləşdirilməsi və redaktə xarakterli dəyişikliklərdir ki, bu dəyişikliklər layihənin 1.0.3, 1.0.4, 1.0.6, 1.0.11-ci maddələrini əhatə edir. Fikrimcə, bu dəyişikliklərin içərisində ən mühüm olanlardan biri budur ki, cinayət törətməyən, lakin öz xəstəliyinə tənqidi münasibətinin olmaması səbəbindən müalicədən imtina edən şəxslə cinayət törədən ruhi xəstənin stasionarlaşdırılması, saxlanılması və stasionardan evə yazılması şərtləri tamamilə ayrılır. Qeyri-könüllü hospitallaşdırma könüllü müalicə olunmaqdan imtina edən cinayət törətməmiş ruhi xəstəyə, tibbi xarakterli məcburi tədbirlər isə cinayət törətmiş xəstəyə şamil olunacaqdır.
Digər qrup dəyişikliklər psixiatriya yardımının könüllülük prinsipinə əsaslanması, xəstənin vəziyyəti və aparılacaq müalicə barəsində ona öncədən məlumat verilməsi və razılaşdırılması, ruhi xəstəlik barədə konfidensiallığın qorunması beynəlxalq tələbatlara uyğunlaşdırılır. 5.3, 6.3.6, 7.2, 7.3, 7.5, 7.6, 8.1, 11.11, 11.13, 11.2, 15.0.3-cü maddələrdə bu məsələlər öz əksini tapmışdır.
Layihədə nəzərdə tutulan üçüncü qrup dəyişikliklər ruhi xəstənin stasionara qəbul edilməsi, stasionarda saxlanma şəraiti, stasionardan evə yazılma qaydaları ilə bağlıdır. Bu dəyişikliklər layihənin 19.2, 20.0.4, 22.1, 23.1.3, 23.2.2, 23.2.3, 25.1, 25.2, 26.2, 28.2, 28.3-cü maddələrini əhatə edir. Bu dəyişikliklər ruhi xəstənin stasionara qəbul edilməsini, stasionarda saxlanma şəraitinin sanitar-gigiyenik normalara uyğun olmasını, stasionarda olduğu müddətdə vəkil, ombudsman, din xadimini dəvət etmək imkanı əldə etməsini, dini ayinləri icra etmək üçün yer ayrılması və şərait yaradılmasını, qeyri-könüllü stasionarlaşan xəstənin ayda bir dəfədən az olmayaraq psixiatr-ekspert komissiyası tərəfindən müayinə olunmasını, müalicə 6 aydan çox çəkdikdə isə hər 3 ayda bir dəfədən az olmayaraq müayinə olunmasını, cinayət törətməyən ruhi xəstənin müalicə kursu başa çatdıqdan sonra həkim-ekspertlərin rəyi əsasında evə yazıla bilməsini, qeyri-könüllü hospitallaşma zamanı stasionarda qalma müddətinin uzadılma qaydalarını Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Hörmətli millət vəkilləri, iki maddədə olan dəyişikliklər layihə sizə paylandıqdan sonra dəqiqləşdirildiyindən onları sizin diqqətinizə çatdırmaq istəyirəm. 20.4-cü maddədə “məhkəmənin qərarı əsasında” sözlərindən sonra “şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanser” və ya “poliklinikanın psixiatriya kabinetləri tərəfindən” sözləri əlavə edilir. Qanunun 29.2-ci maddəsində “nəzərə almaqla” sözləri “və ya” sözləri ilə əvəz edilmişdir.
Nəhayət, layihədə edilən dördüncü qrup dəyişikliklər psixiatriya müəssisələrinə və mütəxəssislərə olan tələblərlə bağlıdır, həmçinin redaktə xarakteri daşıyır. Bunlar qanunun 35.1, 36.2, 37.4, 40.2, 29.3 və 11.2-ci maddələrini əhatə edir.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunan layihədə nəzərdə tutulan bütün əlavə və dəyişikliklər insan haqlarının qorunmasına, ruhi xəstələrə qarşı yönələ biləcək diskriminasiya hallarının aradan qaldırılmasına, onlara humanist və cəmiyyət tərəfindən anlaşılan münasibət bəslənilməsinə, psixiatriya yardımının keyfiyyətinin yüksəldilməsinə və ictimai nəzarətin artırılmasına xidmət edəcəkdir. Layihəni dəstəkləyəcəyinizə görə əvvəlcədən təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun, Musa müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli sədarət, mən Musa müəllimin geniş və ətraflı çıxışından sonra, təbii ki, dəstək xarakterli çıxış etmək istəyirəm. Bu qanunda edilən dəyişikliklərin zəruriliyi haqqında fikirlərimi bildirmək istəyirəm. Musa müəllim olduqca geniş və əhatəli çıxış etdi. Mən də bəzi fikirlərimi bildirmək istərdim. Doğrudan da, edilən dəyişikliklər 2001-ci ildə qəbul olunan “Psixiatriya yardımı haqqında” Qanunun ümumi fəlsəfəsinə bir yenilik və müasirlik gətirmişdir. İstər redaktə xarakterli dəyişikliklər, istərsə də edilən əlavələr insan hüquq və haqlarının qorunması, bu sahədə fəaliyyət göstərən insanların qarşılaşdıqları məsələlərin hüquqi müstəvidə tənzimlənməsinin müasir aspektlərini özündə əks etdirmişdir.
Bu dəyişiklikləri zəruri edən bir çox səbəblər var. Müasirliyin özü edilən dəyişikliklərdə geniş əksini tapmışdır. Məsələn, 1-ci maddədə şəxsin hospitallaşdırılması şəxsin psixonevroloji müəssisəyə yerləşdirilməsi kimi qeyd olunmuşdu. Ancaq edilən əlavəyə görə isə şəxsin psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi kimi qeyd olunur. Şəxsin nevroloji müəssisədə yerləşdirilməsi nə məqsəd daşıya bilər? Yalnız müayinə, müalicə məqsədi ilə göstərilə bilər. “Psixiatriya yardımı haqqında” Qanunda dəyişikliklər edilməsi psixi pozuntuları olan şəxsin müayinəsi, müalicəsi və stasionar müəssisəyə könüllü, qeyri-könüllü və məcburi hospitallaşdırılması ilə bağlı qaydaların təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Bunu biz qeyd etdik.
“Əsas anlayışlar” hissəsinə üç yeni anlayış – “qeyri-könüllü hospitallaşdırma”, “məcburi hospitallaşdırma”, “məlumatlandırılmış razılıq” anlayışları daxil edilmişdir. Burada “psixi pozuntu” anlayışının isə yeni redaksiyada verilməsi nəzərdə tutulmuşdur. “Qeyri-könüllü hospitallaşdırma” anlayışının verilməsi praktikada bu anlayışın bəzən səhv olaraq məcburi hospitallaşdırma ilə eyniləşdirilməsindən irəli gəlir. Lakin anlayışlardan da göründüyü kimi, bunlar tamamilə başqa hüquqi yükə malik anlayışlardır. Qeyri-könüllü hospitallaşdırılma ilə məcburi hospitallaşdırmanın oxşar cəhətləri hər ikisinin məhkəmə qərarı ilə və şəxsin iradəsindən asılı olmayaraq həyata keçirilməsidir. Fərqli cəhəti isə məcburi hospitallaşdırmanı yalnız cinayət törətmiş şəxslər barəsində məcburi xarakterli tibbi tədbir kimi tətbiq edilməsidir.
Hörmətli millət vəkilləri, əlbəttə, Musa müəllim bu barədə geniş məlumat verib, vaxtınızı almaq istəmirəm. Qeyd etmək istəyirəm ki, edilən əlavə və dəyişikliklər, ümumən, qanunun müasirləşdirilməsinə gətirib çıxarmışdır. Məsələn, buradakı bir dəyişiklik barəsində xüsusi razılığımı bildirmək istəyirəm. Doğrudan da, bu çox vacib bir məqamdır. İlkin yardım müəssisələrində psixiatr ixtisası olmayan həkimlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıya uyğun olan xəstəlikləri müalicə edə bilərlər. Əlbəttə, belə bir dəyişiklik ucqar dağ rayonlarında və kənd yerlərində həkim çatışmazlığı şəraitində bu xəstələrin ilkin müayinə və müalicəsinin aparılmasına öz töhfəsini vermiş olacaqdır.
Hesab edirəm ki, belə bir qanunda müasir şəkildə dəyişikliklər edilməsi millət vəkillərimizin bu qanun layihəsinə səs vermələrinə şərait yaradacaqdır. Hörmətli Musa müəllim təqdimatında qeyd etdi. Mən psixi pozuntu (xəstəlik) haqqında təklifimi vermək istəyirəm. Əvvəlki variantda qeyd olunurdu ki, müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara əsaslanaraq qoyulan bir diaqnoz olmalıdır. Artıq bu gün tibbi islahatlar nəticəsində ayrı-ayrı nozoloji xəstəliklərin hər birinin istər diaqnozunun qoyulması, istərsə də müalicəsi müasir sübut olunmuş tibbi prinsiplər, protokollar əsasında aparılır, həyata keçirilir. Mən hesab edirəm ki, bu anlayışa onun əlavə olunması da öz töhfəsini verəcək. Əlbəttə, birinci oxunuşun predmeti...
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun, Ziyafət müəllim. Musa müəllim qanun layihəsini çox gözəl təqdim etdi. Qanunda edilən dəyişikliklərin əhəmiyyətini bizə anlatdı. Qanunun qəbul edildiyi dövrdən artıq 10 il keçib. 2001-ci il iyul ayının 12-də bu qanun qəbul edildi. 10 il ərzində həyatımızda baş verən hadisələr və hadisələrə münasibətimiz vadar edir ki, biz qanuna əlavə və dəyişikliklər edək. 10 il ərzində nə dəyişib? Qanunda kifayət qədər sanballı və böyük əhatəli dəyişikliklər edilir. Azərbaycan gerçəkliyindən, baş verən hadisələr və bu hadisələrlə əlaqədar zərurətdən meydana gələn dəyişikliklərdir.
Nə baş verib? Bu gün Baş psixiatrın burada olmasından istifadə edərək mən bunu da söyləmək istərdim. Hazırda bütün dünyada baş verən hadisələr göstərir ki, hər dördüncü uşaq artıq müəyyən psixi pozuntu ilə dünyaya gəlir. Bu, regional durumdan, yəni ölkələrin harada yerləşməsindən, necə, inkişaf etmiş və yaxud inkişaf etməkdə olan ölkə olmasından asılı deyildir. Bunlar Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Psixiatrlar Assosiasiyasının verdiyi məlumatlardır. Kifayət qədər qorxulu məlumatlardır.
Bu gün yaşayan insanlardan kişilərin 12 faizi və qadınların 26 faizinin depressiya xəstəliyinə tutulduğu məlumdur. 2020-ci ildə dünyada olan xəstəliklər içərisində birinci yeri məhz psixi pozuntular tutacaq. Bu o deməkdir ki, həmin məsələnin profilaktikasına xüsusi önəm verilməlidir. Böyüməkdə olan nəslin belə psixi pozuntularının aradan qaldırılması üçün nə etməliyik? Bu çox vacib məsələdir. Biz psixiatriya yardımı haqqında danışanda təkcə bu məqamları deyil, profilaktikanı da xüsusi nəzərə almalıyıq.
Azərbaycan reallığında gənclərin tərbiyəsinə olan təsir və onların ayrı-ayrı depressiya halına düşməsi, suisid, yəni intihar hallarının çoxalması gerçəklikdir. Bunların aradan qaldırılması üçün hansı tədbirlər irəli sürülür, görülür? Bunların üzərində düşünməliyik. Psixiatriya yardımından danışanda psixi pozuntusu olan bir insanın kimliyi bizi düşündürməlidir. Hətta mən deyərdim, ruhi xəstə kimi qəbul etdiyimiz şəxs kimdir və ona hansı yardım göstərilməlidir? Həssas münasibətə ehtiyacı olan bu insanlarla əlaqədar nə etmək olar?
Mən bir sənəd gətirmişəm. Mən bu sənədlərin hamısını burada oxumaq fikrində deyiləm. Ancaq Milli Məclisin İnsan hüquqları komitəsinə gələn məktublar içərisində psixiatriya xəstəxanasına yerləşdirilmiş və sonradan onların xəstə olmamaları nəticəsində oradan çıxarılmış insanların ərizələri var. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin mühitə, məkana nəzarətin bir az da artırılmasına böyük ehtiyac var. Mən çox təəssüf edirəm ki, bu qanuna edilən əlavə və dəyişikliklərin müzakirəsinə İnsan hüquqları komitəsi dəvət olunmayıb. Mən çox istərdim ki, insan haqları ilə bilavasitə əlaqədar olan sənədin müzakirəsində biz də iştirak edək. Həmin müzakirələrdə iştirak etmədiyimiz üçün bəzi məqamları indi demək istərdik.
Hörmətli həmkarlarım, əgər əvvəlki qanunla indiki əlavə və dəyişiklikləri müqayisə etsək, çox maraqlı bir halın yarandığını görərik. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun “Əsas anlayışlar” hissəsində birinci “həkim-psixiatr, sonra “baş psixiatr” anlayışı verilir. Mən soruşmaq istərdim ki, əgər biz əlavə və dəyişiklik ediriksə, “Əsas anlayışlar” hissəsini niyə əməlli-başlı dəyişdirmirik? Məgər bu qanunun obyekti həkim-psixiatrdır, yaxud baş həkimdir? Bu Qanunun əsas obyekti psixi pozuntusu olan insandır. Bu müddəa 1.0.11-ci maddədə əksini tapıb. Psixi pozuntusu olan kimdir? Burada deyilir: “psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması”. Mən həkim deyiləm, amma bilirəm ki, kliniki ifadə olunmuş davranış forması, kliniki ifadə olunmamış, yəni gizli şəkildə gedən davranış forması var. Ona görə də şizofreniki, ruhi xəstəni dəqiq müəyyən etmək üçün hansı ifadədən istifadə etmək lazımdır? Bir sözlə, mən, yəni bununla əlaqədar olaraq...

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Mikrofon verin.
R. Aslanova. Oqtay müəllim, çox sağ olun. Mən vaxtdan istifadə edəcəyəm, yazılanların sayı azdır. Amma 3–4 dəqiqəyə bu qanunda edilən dəyişikliklərin mahiyyəti haqqında tam danışmaq olmur. Bir cümlə oxuyum. Bayaq bunu başa düşmədiyimə görə getdim Əhliman müəllimin yanına, söylədim ki, “Əhliman müəllim, bunu bir mənə izah edin, görüm nə deməkdir?” Bu qanunu oxuyan hər kəsin yanında bir Əhliman müəllim, professor olmayacaq ki, bunun mahiyyətini izah etsin. Məsələn, 1.0.5-ci maddədə deyilir: “tibbi xarakterli məcburi tədbirlər” (məcburi hospitallaşdırma) – anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərin...” “Anlaqlılığı istisna etməyən psixi pozuntu” nədir? Psixi pozuntudursa, artıq anlaqlılığı yoxdur. Əgər anlaqlıdırsa, psixi pozuntu yoxdur.
Mən bu gün edilən düzəlişlərin hamısını Hadi müəllimə verəcəyəm. Yəni kifayət qədər qeyri-müəyyənliklər var və bu, heç bir həkimə, qanunu oxuyan bir insana da kömək etməyəcək. Musa müəllim, Siz axırıncı məsələni dediniz. 35.1-ci maddədə yazılır ki, “ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri”. Bu sözlərdən əvvəl yazılıb: “özəl”. Bunlar özəl müəssisələrdir, qeyri-özəl müəssisələrdir? Bu gün Azərbaycanda ixtisaslaşdırılmış özəl tibbi müəssisələr varsa, haradadır, necədir? Mən çox istərdim ki, qanuna əlavə və dəyişikliklər edilərkən millət vəkilləri bu haqda məlumatlandırılsınlar. Söhbət ondan getmir ki, bu adam xəstədir, məhkəmə yolu ilə biz bunu zorla oraya yerləşdiririk və yaxud yerləşdirmirik.
Narkotik maddələrlə bağlı qanun qəbul ediləndə mən narkomanların zorla xəstəxanalara yerləşdirilməsinə tərəfdar idim. Amma bunun əleyhinə çıxış etdilər ki, bu, insan haqlarının pozulmasıdır. İndi burada da insan haqlarının qorunması prinsipinə riayət etmək lazımdır. Kimi və necə yerləşdiririk? Məhkəmədə bunun obyektivliyini qorumaq üçün hansı addımları atmaq lazımdır? Mən yenə sənədləri qaldırmaq istəmirəm, məhkəmənin qərarı ilə oraya düşmüş və sonradan oradan çıxarılmış adamlar da olur. Bu çox ciddi məsələdir. Bununla əlaqədar 40-a qədər əlavə və dəyişiklik ediriksə, hər əlavə və dəyişikliklər zamanın tələbinə uyğun olmalıdır və ruhi xəstənin hüquqlarının qorunmasından söhbət getməlidir. Necə olur ki, oğul ananı evə görə həmin xəstəxanaya salır? Necə olur ki, qadın yoldaşını oraya salır? Bu necə baş verir? Bunlar Azərbaycan reallığında baş verən hadisələrdir və bütün bunların aradan qaldırılması üçün mənə elə gəlir ki, bu qanuna əməlli-başlı baxmaq lazımdır. 10 il keçib.
Mən bir daha təkrar edirəm. Cəmiyyətdə psixi pozuntusu olan insanların sayı artmaqdadır ki, azalmaqda deyil. Hər hansı bir intihar hadisəsi baş verən kimi bütün qəzetlər bunu yazır. Kütləvi informasiya vasitələri bunu sensasiya kimi çatdırırlar. Amma heç kəs düşünmür ki, bəlkə bunu yaradan şərtlərdən, səbəblərdən yazaq. Televiziya vasitəsi ilə gündə aqressiv informasiyalar qəbul edirik. Qərbdə 13-cü kadr effekti var. 12 kadr getdikdən sonra 13-cü kadrda ciddi bir amansızlıq məqamı varsa, bu, insanın şüuruna yığışır və qəddarlıq effektinə gətirib çıxarır. Bununla əlaqədar neyləyirik? Sonra deyirik ki, psixi pozuntusu olan insanların sayı artır. Bu, kifayət qədər ciddi məsələdir. Bütün cəmiyyət bu məsələdə öz mövqeyini ortaya qoymalıdır.
Sağlam, informasiya təhlükəsizliyinin təmin olunduğu bir cəmiyyətdə yaşamalıyıq ki, övladlarımız dünyaya sağlam gəlsinlər, sağlam böyüsünlər. Gənclər bu gün özünəyadlaşmadan uzaq olsunlar və gerçək dünyadan uzaqlaşıb, yaxınlarını, doğmalarını virtual dünyada tapmasınlar. Mən bir daha təkrar edirəm, ən vacib məsələ budur ki, bu gün böyüyən gənclərin sabahını düşünməliyik. Çox qorxulu faizi bir daha təkrar edirəm. Əgər hər 4 uşaqdan biri dünyaya psixi pozuntu ilə gəlirsə, 20–30 ildən sonra bizi nə gözləyir? Bunun üzərində fikirləşmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Oqtay müəllim. Qanuna edilən əlavə və dəyişikliklərin nə qədər vacib olduğunu çox hörmətli Rəbiyyət xanımın çıxışından bir daha müəyyənləşdirdik. Təsəvvür edin ki, biz bu qanuna toxunmaya da bilərdik. Amma ötən 10 il ərzində bizim komitə hiss etdi ki, qanun bugünkü reallıqlara və edilən çıxışlara, səslənən fikirlərə bir sıra müddəalarla cavab vermir. Məhz ona görə də bizim komitədə bu məsələ geniş müzakirə olundu. Uzun müddətdir ki, bu layihə komitədə çözülür. Bizim komitədə çox hörmətli deputatımız Musa müəllim bununla məşğuldur, həm mütəxəssis kimi, həm də işçi qrupunun rəhbəri kimi bütün mütəxəssislərin iştirakı ilə bu məsələləri çözüb. Bu gün ortaya qoyulan qanun layihəsi həm beynəlxalq sənədlərə cavab verir, həm də bugünkü reallıqlara, əhalinin sosial durumuna.
Mənim bacım Rəbiyyət xanım çox düzgün dedi, insan hüquqlarının çox böyük bir hissəsini insanların sosial hüquqları təşkil edir. Addımbaşı biz bu hüquqlarla rastlaşırıq. Mən açıq etiraf etmək istəyirəm, çox təəssüf ki, psixiatriya ilə bağlı məsələlərdə həm inzibati orqanlarda, həm də bu məsələ ilə məşğul olan qurumlarda bəzən həddini aşmaq, səlahiyyət imkanlarından istifadə etmək halları olurdu. Vətəndaşın mənafeyinin ziddinə addımlar atılırdı. Biz bu layihə ilə həmin məsələləri tənzimləməyə çalışmışıq.
Çox ciddi üç məqam var ki, bunlar da “Əsas anlayışlar”da öz yerini tapıb. Birinci, qeyri-könüllü hospitallaşdırma, tibbi xarakterli məcburi tədbirlər, bir də məlumatlandırılmış razılıq. Bu üç məsələ həmin dəyişikliklərin mahiyyətini təşkil edir. Əlbəttə, həm redaktə xarakterli, həm də digər istiqamətli dəyişikliklər də var. Bu dəyişikliklərin mahiyyətində, hörmətli Oqtay müəllim, bir məsələ durur – vətəndaşın, insanın hüquqlarının daha ciddi, yaxşı qorunması. Mən hesab edirəm ki, bu qanunda edilən dəyişikliklər günün tələblərinə cavab verir. Əlbəttə, mən Rəbiyyət xanımla razıyam ki, biz bu qanuna hansısa məqamda yenidən qayıda, baxa bilərik. Reallıqlara uyğun olaraq bu və ya digər dəyişiklikləri edək.
Layihə mütəxəssislərin, bu sahə ilə məşğul olan adamların iştirakı ilə müzakirə edilib. Bu müzakirələrdə inzibati orqanlardan iştirak edənlər olublar. Deputat həmkarlarımdan ricam budur ki, bu layihəyə səs versinlər.
Ola bilər ki, 5–10 ildən sonra qanunda yeni istiqamətdə dəyişikliklər edilsin. Təklif və əlavələrin də çözülməsinə həmişə hazırıq. Deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Hesab edirəm ki, qanuna bu günün beynəlxalq və Azərbaycan reallıqlarına cavab verən əlavələr və dəyişikliklər edilir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç. Qənizadə. Təşəkkür edirəm. Bu qanunu bir az dərindən oxumağa çalışdım. Həmkarlarım yorulublar və çox danışmaq istəmirəm. Sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istəyirəm. Qanun layihəsinin bu gün müzakirəyə çıxarılan nüsxəsinə baxdıqda istər-istəməz düşünürsən ki, qəbul olunmuş qanunda nə qədər boşluqlar var imiş. Əslində, bu gün bir neçə maddəyə nələri isə əlavə edirik və bununla kifayətlənirik. Amma bu qanun layihəsindəki əlavə və dəyişikliklər göstərir ki, əvvəlki qanunda, doğrudan, boşluqlar olub.
Hadi müəllimin qeyd etdiyi kimi, bəli, psixiatriya sahəsində müəyyən çatışmazlıqlar məhz bu boşluqlar üzündən, obyektiv səbəblərdən olub. Bəzən həkimlər bu və ya digər tədbirləri həyata keçirmək üçün həmin boşluqlardan irəli gələn müəyyən qanunsuz hərəkətlər etməyə məcbur olurlar. Çox sevindirici haldır ki, bu gün həmin boşluqlar doldurulur. Burada həm də insan hüquq və azadlıqlarını qorumağa çalışıblar.
Birinci, xəstələrin müəyyən razılıq əsasında məlumatlandırılmaqla müalicə olunması, eyni zamanda, onların əvvəlkindən fərqli olaraq istədikləri vaxt ombudsmanın nümayəndələri ilə görüşmək məsələsi, həm də psixi pozuntusu olan şəxslərin təhsili ilə bağlı edilmiş əlavələr mütərəqqidir və qəbul olunmalıdır. Qanunun 1-ci maddəsinə bir neçə bənd əlavə olunub. Onlar haqqında qısaca demək istəyirəm.
1.0.4-cü maddədə qeyri-könüllü hospitallaşdırmadan söhbət gedir. Qanunda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş maddələr göstərilib. Mən hesab edirəm ki, bunu bir az şərh etmək lazım idi. Çox güman ki, Cinayət-Prosessual Məcəlləsinə istinad ediləcək, çünki burada qeyri-könüllülükdən söhbət gedir. 1.0.5-ci maddədə tibbi xarakterli məcburi tədbirlərdən bəhs edilərkən artıq Cinayət-Prosessual Məcəllə göstərilir. Bayaq Rəbiyyət xanım düzgün olaraq qeyd etdi ki, burada bir natamamlıq var. “Anlaqlığı istisna etməyən psixi pozuntu” başa düşünülən deyil. Belə hesab edirəm ki, bu məsələ də aydınlaşdırılmalıdır. Psixiatriya yardımı alan pasiyentə zərər vura biləcək məlumatların ona qulluq edən şəxslərə, valideynlərinə verilməməsi həmin şəxsin hüquqlarının müdafiəsi deməkdir. Bütün hallarda göstərilib ki, müəyyən məcburi tədbirlər məhkəmənin qərarı ilə həyata keçirilsin. Bu, bayaq qeyd etdiyim kimi, çox düzgün və normaldır.
Psixiatriya stasionarına yerləşdirilən pasiyentlərin hüquqlarına aid ayrıca bəndlərin verilməsi və bu maddəyə xeyli bəndlərin əlavə edilməsi, bayaq qeyd etdiyim kimi, çox normal haldır. Bununla belə, müəyyən məsələlər aydınlaşdırılmalıdır. Burada deyilir ki, psixiatriya yardımı göstərilməsində iştirak edən digər mütəxəssislər xüsusi hazırlıq keçməli və psixi pozuntusu olan şəxslərlə işləməyə buraxılmaq üçün öz ixtisaslarını təsdiq etməlidirlər. Ümumi bir formada verilib, harada və necə təsdiq etməlidirlər? Bu göstərilməyib.
Bir də, 42-ci maddədə mövcud variantla təklif olunan variantların yeri səhv düşüb. Əslində, mövcud variantda daha geniş qeyd olunub, göstərilib. Amma yeni variantda təklif olunan məsələ çıxarılıb. Yəqin ki, Hadi müəllim, buna nəzər yetirərsiniz, 42-ci maddədə mövcud variantla təklif olunan variantların yeri dəyişdirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı Gəray Gəraybəyli, buyurun.
G. Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı.
Çox hörmətli cənab Sədr, çox hörmətli Milli Məclisin üzvləri! Bu gün vaxt tapıb “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. 2001-ci ildə bu qanun postsovet məkanında qəbul edilmiş ilk qanunlardan biri idi. Ancaq keçmiş son 10 il ərzində dünyada istər psixiatriya yardımı, istərsə də, ümumiyyətlə, psixi sağlamlıq sahəsində bir çox dəyişikliklər baş verib. Bunlar da qanunda dəyişikliklər edilməsinin zəruriliyini göstərir.
Vaxtınızı çox almadan bir məsələyə diqqət yetirmək istəyirəm. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya əhalisinin 10 faizi, Avropa ölkələrinin isə 20 faizi psixi pozuntudan əziyyət çəkir. Əgər biz rəsmi statistikaya müraciət etsək, görərik ki, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. O da bununla bağlıdır ki, psixi pozuntusu olan bir çox adam psixiatriya müəssisələrinə bu və ya digər səbəblərdən gedə bilmir, çəkinir. Bu da xəstəliklərin dərinləşməsinə, fəsadlaşmasına və bir çox hallarda artıq ağır fəsadlara gətirib çıxara bilər. Bu gün təklif olunan dəyişikliklər bir çox boşluqları aradan götürür.
Mən bir vacib məsələni də qeyd etmək istəyirəm. Artıq psixi pozuntusu olan şəxsə yardım edən təkcə psixiatr yox, ilkin səhiyyə sistemində çalışan poliklinika, ailə həkimləri də olacaqlar. Bir daha sizə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu qanun ilk növbədə bizim pasiyentlərimizə daha yaxın olacaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Çıxış edən bütün deputat həmkarlarıma və qanun layihəsini dəstəkləyən həmkarlarımın hamısına təşəkkürümü bildirirəm. Hörmətli Rəbiyyət xanım burada çox maraqlı və deyərdim ki, gələcək işimiz üçün əsas verə biləcək bir çıxış etdi. Onun çıxışına görə xüsusi təşəkkürümü bildirirəm. Rəbiyyət xanımın qaldırdığı bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Həm onun özü üçün, həm də digər millət vəkilləri üçün məsələ aydın olsun. Hörmətli İlham müəllim də məsələ qaldırdı ki, psixi pozuntu diaqnozunun qoyulması qaydası əvvəlki variantda daha yaxşıdır. Həmin variant yenə də saxlanıldı, sadəcə, qanunun 8.1-ci maddəsinə keçirilib və ona görə də “Əsas anlayışlar”da görünmür.
Sonra hörmətli Rəbiyyət xanım soruşdu ki, özəl klinikalarda, yaxud özəl tibb praktikasında psixiatriya yardımı göstərilir, ya göstərilmir? Təbii ki, Səhiyyə Nazirliyinin lisenziyası ilə belə klinikalar da açıla bilər, belə həkimlər də fəaliyyət göstərə bilərlər. Mən bilən klinikalar yoxdur, amma özəl tibbi praktika ilə məşğul olan həkimlər var. Başqa bir məsələyə hörmətli Çingiz müəllim də, Rəbiyyət xanım da toxundu. “Anlaqlığı istisna etməyən psixi pozuntu” anlayışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və Mülki Məcəlləsində öz əksini tapmış anlayışdır, yəni yeni anlayış deyil.
Hörmətli Rəbiyyət xanımın 1.0.11-ci maddədə ”psixi pozuntu (xəstəlik)” anlayışında “kliniki ifadə olunmuş psixopatoloji davranış forması” sözlərinə iradını bildirdi, dedi ki, kliniki ifadə olunmamış davranış forması da ola bilər. Məsələ burasındadır ki, kliniki ifadə olunmamış və psixopatoloji davranış formasına cəmiyyətdə rast gəlinir. Elə bizim hər birimizin davranışında bunlara rast gəlmək olur, bunlara həsəd, qısqanclıq, yalançılıq, əsəbilik, aqressiya aiddir. Amma bu hal özünü kliniki şəkildə büruzə verəndə psixi pozuntu halını alır. Gündəlik həyatda kimsə əsəbiləşə, bir az aqressiya göstərə bilər. Onların hamısına psixi xəstə adını qoysaq, onda dünyada sağlam adam qalmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 17.34 dəq.)
 Lehinə  105
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti iclasa qədər.

 

EDİLMƏMİŞ
ÇIXIŞLARIN  MƏTNLƏRİ


Leyla Abdullayeva. Bugünkü iclasımızda Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarında dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Bu kontekstdə mən də keçmiş bələdiyyə işçisi kimi öz münasibətimi bildirmək istərdim.
Məlumdur ki, ölkəmizdə bir sıra yeniliklər kimi yerli özünüidarə sisteminin yaradılması, lokal xarakterli məsələlər və problemlərin həll edilməsi mexanizminin formalaşdırılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1995-ci il Konstitusiyasında yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin ilkin statusu müəyyən edilmiş, sonrakı dövrlərdə isə ayrı-ayrı qanunlar qəbul edilərək bələdiyyə seçkiləri keçirilmişdir. Bu günlərdə 20 illik yubileyini yüksək şəkildə qeyd etdiyimiz müstəqillik dövrünün nailiyyətləri sırasında, şübhəsiz, yerli özünüidarəetmənin respublikamızda bərqərar olması da mühüm yer tutmaqdadır.
Mən gündəlikdə olan dəyişikliklərlə bağlı bir məsələyə dair təkliflə də çıxış etmək istərdim. Belə ki, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda edilən dəyişikliklərə görə bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanuna görə isə illik maliyyə hesabatları elan, bülleten, mətbuat vasitəsilə vətəndaşlara çatdırılmalıdır. Bu müddəalar müsbət xarakter daşıyır və alqışlanmalıdır. Bu qaydaların tətbiqi imkan verəcəkdir ki, yerli əhali bələdiyyə orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olsun, vətəndaşla bələdiyyə arasında münasibətlər daha fəal və qarşılıqlı xarakter daşısın. Bu baxımdan təklif edərdim ki, yalnız maliyyə hesabatları deyil, həm də gündəliyə çıxarılan məsələlər, qərarlar da əhalinin diqqətinə çatdırılsın.
Bu gün ölkəmizdə gedən iqtisadi inkişaf imkan yaradıbdır ki, regionlarımızın böyük əksəriyyətində yerli telekanallar fəaliyyətə başlasın. Bütün bölgələrimizdə yerli qəzetlər, mətbuat orqanları fəaliyyət göstərir. Yaxşı olardı ki, bu orqanlara bir vəzifə kimi bələdiyyələrin fəaliyyətini işıqlandırmaq öhdəliyi müəyyən edilsin. Axı, qeyd edilən mətbuat orqanları da bir qayda olaraq yerli büdcələrdən maliyyələşir. Eyni zamanda, məsələn, sosial reklam sahəsində olan təcrübə buraya da aid edilə bilərdi. Yəni icbari şəkildə dövri olaraq yerli mətbuat bələdiyyələrin fəaliyyətini işıqlandırmalıdır.
Digər tərəfdən, bu gün ölkəmizdə informasiya texnologiyaları ən yüksək səviyyədə inkişaf edir. Ölkəmizdə “Elektron hökumət” Dövlət Proqramı həyata keçirilir. Bu baxımdan müasir dövrdə vətəndaşla səlahiyyətli orqan arasında qarşılıqlı əlaqənin qurulmasında İnternet resurslarının da əhəmiyyəti danılmazdır. Gələcəkdə bələdiyyə orqanlarının da bu təcrübədən istifadə etməsi çox yaxşı olardı. Əlbəttə, hər bir bələdiyyə orqanının veb-saytlarının yaradılması məqsədəuyğun deyil və buna elə bir ehtiyac da yoxdur. Lakin ayrı-ayrı bələdiyyə ittifaqlarının İnternet resurslarının yaradılması tələbi gələcəkdə qanunvericiliyə salına bilərdi.
Bir daha qeyd edilən dəyişikliklərin müsbət xarakter daşıdığını vurğulamaq istərdim.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU