28.10.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 23
Mill Məclisin iclas salonu.
28 oktyabr 2011-c il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Fazil Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.
Arif Həşimov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti.
Əsəd Musayev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru.
Zeynal Əkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun direktoru.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Xəqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Na-zirliyinin şöbə müdiri.
Cavid Məmmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdirinin müavini.
Viktor Qasımov, Azərbaycan Respublikası Səhiyyə Na-zirliyinin sektor müdiri.
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Musa Ağamalıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş İdarəsinin sektor müdiri.
Mark Herevard, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri.
Munir Məmmədzadə, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaqların Mühafizəsi üzrə rəhbəri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. Sosial xidmət haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə (ikinci oxunuş).
3. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordina-torun illik məlumatı haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Eyvazov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Zahid Oruc, Sahib Alıyev, Rafael Cəbrayılov, Çingiz Qənizadə, Fərəc Quliyev, Rəbiyyət Aslanova, Siyavuş Novruzov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
2. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, Gülər Əhmədova, Aytən Mustafayeva, Tahir Rzayev, Leyla Abdullayeva, Fərəc Quliyev, Aqil Abbas, Ziyafət Əsgərov, Əsəd Musayev
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
3. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Elmira Axundova, Azay Quliyev, Jalə Əliyeva, Tahir Rzayev, Fərəc Quliyev, Rafael Cəbrayılov, Valeh Ələsgərov, Novruzəli Aslanov, Eldar Quliyev, İlham Məmmədov, Kamilə Əliyeva, Hacı Salayev, Sevinc Fətəliyeva
Təklif: Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, maddə 1–6 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.50 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Təklif: Maddə 7–13 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Təklif: Maddə 14–17 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Təklif: Maddə 18–23 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Təklif: Maddə 24–26 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.53 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Təklif: Maddə 27–30 qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Təklif: Qanun layihəsi ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
28 oktyabr 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
Gündəliyimizdəki məsələlərin müzakirəsini davam etdiririk. Növbəti məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatıdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazova söz verilir.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cinayətkarlığın qloballaşdığı, yeni çağırış və təhdidlərin artdığı dövrdə dünya birliyini narahat edən problemlərdən biri də şəxsiyyətin hüquq və azadlıqlarını ciddi şəkildə pozan və köləliyin müasir formasına çevrilən insan alverinin genişlənməsidir. Belə hüquqazidd əməllərin miqyasını və transsərhəd xarakter daşımasını səciyyələndirən başlıca amil kriminal biznesin ən gəlirli növlərindən olmaqdır ki, bu mühüm faktor nəzərə alınmaqla ötən ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Qlobal fəaliyyət planı qəbul edilmişdir.
Lakin insan alverinin qarşısının alınmasında universal resept mövcud deyil və hər bir ölkə onunla mübarizədə optimal milli mexanizm formalaşdırmaqla öz siyasətini müstəqil müəyyənləşdirir. Bu baxımdan əksər beynəlxalq konvensiyaların iştirakçısı olan ölkəmizdə də sözügedən cinayətlərin qarşısının alınması, onu doğuran səbəblərin müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində tədbirlər Milli fəaliyyət planı əsasında məqsədyönlü şəkildə davam etdirilir. Ötən dövrdə bu mühüm sənədin icra vəziyyəti, mövcud problemlər və onların həlli yolları, fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi məsələləri İnsan alverinə qarşı mübarizə üzrə işçi qrupunun diqqət mərkəzində saxlanılmışdır. Ayrı-ayrı vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı diplomatik korpusunun, Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun, BMT-nin “İnsan alverinə qarşı” Lider qadınlar komissiyasının rəhbərləri və üzvləri ilə görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmışdır.
Avropanın 7 ölkəsini təmsil edən ekspert qrupunun, habelə Avropa İttifaqının, ATƏT-in, Beynəlxalq Miqrasiya Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndələrinin iştirakı ilə hakimlər, prokurorlar və vəkillər üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasının implementasiyası mövzusunda təlimlər keçirilmişdir.
Cari ilin sentyabr ayında Qeyri-hökumət təşkilatları Koalisiyası ilə birgə keçirilmiş tədbirlərdə insan alverinin, o cümlədən məcburi əməyin qurbanı olmuş şəxslərin müəyyən edilməsi, onların xüsusi polis qurumuna istiqamətləndirilməsi, qurbanların yardımlara çıxışının təmin edilməsi, əhali arasında maarifləndirmə tədbirlərinə və qarşılıqlı əlaqələrin perspektiv istiqamətlərinə dair fikir mübadiləsi aparılmışdır. Bu növ cinayətlərin profilaktikasında fəallığı ilə seçilən 10 qeyri-hökumət təşkilatı mükafatlandırılmışdır.
İnsan alverinə qarşı daha səmərəli mübarizə aparmağa imkan verən beynəlxalq əməkdaşlıq və tədbirlər mübadiləsi məsələlərinə də önəm verilmişdir. Qurbanlara yardım göstərilməsi ilə bağlı Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarına, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə dəstək məqsədi ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və ATƏT arasında 2011–2013-cü illəri əhatə edən iki qrant müqaviləsi imzalanmışdır.
Mənbə və təyinat ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində atılan addımların davamı olaraq Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə mübarizə üzrə Milli Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, habelə Bolqarıstanın Daxili İşlər Nazirliyi ilə qarşılıqlı fəaliyyət üzrə əlaqələndirici zabitlər müəyyən edilmişdir.
Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr çərçivəsində xüsusi polis qurumunun əməkdaşları Türkiyə, Avstriya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın müvafiq strukturlarının iş təcrübəsini öyrənmişlər.
ATƏT-in Bakı ofisinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Macarıstan Milli Təhqiqat Bürosunun nümayəndələri tərəfindən respublikanın hüquq mühafizə və digər dövlət qurumlarının əməkdaşları üçün insan alveri ilə mübarizədə əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin səmərəliyinin artırılması yollarına dair seminarlar keçirilmişdir.
Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığının genişləndirilməsi, qurbanların ölkəyə qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər də davam etdirilmişdir.
Xarici ölkələrə gedən və xaricdə yaşayan soydaşlarımızın məlumatlılığının artırılması üçün insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr mövzusunda 6 minə yaxın metodik vəsait və qanunvericilik toplusu hazırlanıb aidiyyəti üzrə göndərilmişdir.
Milli fəaliyyət planının iştirakçısı olan ictimai qurumlar tərəfindən görülən işlər də əhatəli olmuşdur.
İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyasının üzvləri risk qrupuna aid olan şəxslər, o cümlədən cəzaçəkmə müəssisələrini, internat məktəblərini tərk etməyə hazırlaşan yeniyetmələr, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və tənha qadınlar üçün maarifləndirmə tədbirləri təşkil etmiş, onların hüquqi və sosial problemlərinin həllində zəruri köməkliklər göstərmişlər.
Koalisiya ilə qarşılıqlı əlaqədə xüsusi proqram əsasında 51 şəhər və rayonda kütləvi tədbirlər keçirilərək “152” telefon zəng xidmətinin reklam çarxları, sənədli-detektiv filmlər nümayiş etdirilmiş, “Qaynar xətt”in və sığınacağın fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda, 25 orta ixtisas təhsil müəssisəsi və kollecinin müəllim və tələbə heyəti seminarlara cəlb olunmuşlar.
Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdə təşkil etdiyi layihə çərçivəsində orta ümumtəhsil məktəblərində müəllimlərə insan alveri ilə bağlı 19 min yaddaş kitabçası, şagirdlərə 81 min cib kartı, 42 min buklet və 5750 plakat, habelə kiçik həcmli filmlərdən ibarət disklər paylanmışdır. Bir sıra ali və orta ixtisas təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Turizm İnstitutunda, Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzində, Polis Akademiyasında tədris planına akademik dərs saatları əlavə edilməklə tələbələrə, müdavim və dinləyicilərə insan alveri və qadın zorakılığı ilə bağlı mövzular tədris olunmuşdur. Müvafiq sahədə fəaliyyət davam etdirilir.
Bu növ cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuşdur. Görülən işlər, əldə edilən nəticələr respublikanın 50-dən çox kütləvi informasiya vasitəsində işıqlandırılmış, eləcə də mütəmadi olaraq xüsusi polis qurumunun veb saytına yerləşdirilmişdir.
Milli fəaliyyət planına uyğun olaraq insan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi istiqamətində də zəruri tədbirlər görülmüşdür. Dövlət Əmək Müfəttişliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə ayrı-ayrı vaxtlarda müxtəlif tikinti şirkətlərində və daş karxanalarında monitorinqlər aparılmışdır. Uşaqların pambıq və tütünçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilməsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının “Uşaq əməyinin ən kəskin formaları” adlı hesabatında əksini tapmış xüsusat Saatlı, Sabirabad, Salyan, İmişli, Zərdab, Ucar, Yevlax, Bərdə, Kürdəmir, Zaqatala, Balakən rayonlarında yoxlanılmışdır. Xüsusi metodika əsasında keçirilən belə tədbirlər, o cümlədən sorğular nəticəsində məcburi əməyin qurbanları müəyyən olunmamışdır. Lakin tikinti təhlükəsizliyi və qeydiyyat qaydalarının, habelə əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanaraq müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Beynəlxalq təşkilatların ayrı-ayrı şirkətlərində çalışan Çin, Türkiyə və Əfqanıstan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı müraciətlər daxil olmuşdur ki, onların da araşdırılması zamanı şikayətlərin, əsasən, əmək haqlarının gecikdirilməsi və ya tam ödənilməməsi və digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyənləşdirilmişdir. Qaldırılan məsələlər qanuna uyğun həllini tapmışdır.
Qarşıda duran vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi üçün insan alverinin səbəblərinin, ona şərait yaradan halların aradan qaldırılması, cinayətlərin təşkilatçıları, icraçıları və digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi də diqqət mərkəzində saxlanılmışdır.
2011-ci ilin 9 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 70, insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə əlaqədar 2, məcburi əməklə bağlı 1 fakt aşkar edilmiş, 4 cinayətkar qrup zərərsizləşdirilmişdir. Həmin hüquqazidd əməli törədən 19 nəfər tutulmuş, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunmuşdur. Qurbanlardan 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri Rusiya Federasiyasına aparılmışdır. Araşdırmalar göstərmişdir ki, 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsilli, 25-i subay, 26-sı 18–35 yaş həddində, biri isə yetkinlik yaşına çatmayan olmuşdur. Hüquqazidd əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3-ü tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
“Qaynar xətt” telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar daxil olmuş 12 minə yaxın məlumat diqqətlə araşdırılaraq təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Hesabat dövründə insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilmişdir. Onların hər biri tibbi, psixoloji yardımlarla əhatə olunmuş, zəruri vəsaitlərlə təmin edilmişdir. Cinayətkarlardan zərər çəkmiş 26 nəfərə birdəfəlik müavinət, 19 nəfərə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardım verilmişdir. Səhiyyə Nazirliyi tərəfindən 25 qurbana müxtəlif tibbi xidmətlər göstərilmiş, 29 nəfər potensial qurban Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə, qurbanların övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilmiş, 3-ü Azərbaycan Uşaqlar Birliyinin səhiyyə və peşə proqramlarına cəlb edilmişdir.
Valideyn himayəsindən məhrum olmuş və baxımsız qalan uşaqların müəyyənləşdirilib qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üzrə tədbirlər də davamlı olmuşdur. Belə uşaqlardan 13-ü, eləcə də insan alverinin qurbanı və potensial qurban olan 46 nəfər şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.
Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 500-ə yaxın azyaşlı müəyyən edilmiş, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 177 valideyn barəsində 300 material qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilmişdir.
Məlumat üçün onu da qeyd edim ki, alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması ilə bağlı Təhsil Nazirliyi və Avstriyanın “Hilfsverg Avstriya” beynəlxalq təşkilatı arasında imzalanmış qrant sazişinə əsasən 10 uşağın yaşayacağı ailə modelli kiçik qrupların cari ilin dekabr ayında mənzillə təmin edilməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada hər il təqribən 12 milyon şəxs insan alverinin qurbanına çevrilir. Köləliyin bu müasir formasından cinayətkarların əldə etdikləri gəlir isə təqribən 30–32 milyard dollara bərabərdir.
Məlum olduğu kimi, Azərbaycanda bu problemlə hüquqi müstəvidə mübarizənin tarixi 2004-cü ildən sonrakı dövrü əhatə edir. Ötən müddətdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, 2004–2008-ci və 2009–2013-cü illəri əhatə edən iki milli fəaliyyət planı qəbul olunmuş, insan alveri əməlinin cinayət kimi tanınması üçün Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər və əlavələr edilmişdir. Hökumət tərəfindən insan alveri qurbanları üçün sığınacağın fəaliyyətini, qurbanların sosial reabilitasiyasını, dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsini tənzimləyən normativ sənədlər, habelə “Qaynar xətt”in Nizamnaməsi, “Qurbanlara Kömək Fondu haqqında Əsasnamə”, “İnsan alveri qurbanları ilə bağlı Milli istiqamətləndirmə mexanizmi qaydaları”, “İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları (indikatorlar)”, “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydaları” təsdiq edilmişdir.
Hesabat ilində əcnəbilərin ölkə ərazisində müvəqqəti olduğu və ya yaşadığı dövrdə əvvəlcədən bəyan etdiyi məqsədə uyğun olmayan fəaliyyətlə məşğul olmasına və fərdi icazə almadan işə cəlb edilməsinə görə inzibati məsuliyyəti müəyyən edən qanunun qəbulu da məcburi əmək hallarının qarşısının alınmasında vacib mexanizmlərdən biri olmuşdur.
Həmçinin 2011-ci ilin may ayında hökumət tərəfindən “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş Proqram” təsdiq olunmuşdur ki, onun da məqsədi məcburi əməyin qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi, qurbanların yardımlara çıxışının, övladlığa götürülmə prosedurunun təkmilləşdirilməsi, zərərli mühitdə yaşayan uşaqlara və yeniyetmələrə sosial xidmətlərin göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsidir. Proqramların icraatı çərçivəsində Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları ilə bir yerdə “Zorakılıq və cinayətlərin qurbanı olmuş uşaq və gənclər üçün psixososial Reabilitasiya Mərkəzi”nin yaradılması planlaşdırılır. Avropa Şurasının müvafiq konvensiyasının implementasiyası, o cümlədən insan alverinə, xüsusən onun məcburi əməklə müşayiət olunan formasına qarşı mübarizənin gücləndirilməsi, məcburi əməyin insan alveri cinayəti kimi tanınması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, həyata keçirilən bu və ya digər kompleks tədbirlərin nəticəsi olaraq son 4 ildə təyinat ölkələrinə aparılan qurbanların sayı 3 dəfə azalmışdır. Bütün bunlar Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizədə beynəlxalq öhdəliklərə ciddi yanaşmasının, milli və beynəlxalq səviyyədə göstərdiyi səylərin əyani təsdiqidir. Təəssüflə qeyd etməliyəm ki, bəzi qeyri-hökumət təşkilatları tərəfindən guya yüzlərcə vətəndaşımızın və əcnəbinin insan alverinin qurbanı və iştirakçısı olması barədə həqiqətə uyğun olmayan məlumatların yayılması beynəlxalq hesabatlarda Azərbaycanın qınaq obyektinə çevrilməsi və son 3 ildə “2-ci qrup nəzarət” siyahısında saxlanılması şəklində öz əksini tapmışdır.
Mövcud vəziyyətlə bağlı tərəfimizdən aidiyyəti beynəlxalq qurumlar və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin nümayəndələri ilə davamlı görüşlər keçirilmişdir. 2008–2010-cu illər üzrə hesabatlarda Azərbaycana aid tövsiyələrin tam yerinə yetirilməsi ilə bağlı zəruri izahlar verilmiş və rəsmi materiallar təqdim olunmuşdur. Onlar insan alverinə qarşı mübarizədə Azərbaycanda əldə olunmuş nəticələri müsbət qiymətləndirərək real vəziyyətin müvafiq hesabatlarda öz əksini tapması üçün lazımi tədbirləri görəcəklərini bildirmişlər. Ümidvarıq ki, növbəti hesabat dövründə ölkəmizdə bu cinayətlərə qarşı mübarizədə ortaya qoyulan səylər obyektiv dəyərləndiriləcəkdir.
Hesab edirəm ki, hökumətlərarası və parlamentlərarası təşkilatların, BMT strukturlarının, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin koordinasiya olunan birgə səyləri insan alverinin aradan qaldırılmasına kömək edəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, bu işlərdə bilavasitə iştirak etdiyinizə, işgüzar və səmərəli əməkdaşlıq münasibətinizə görə sizin hər birinizə, o cümlədən Media və vətəndaş cəmiyyəti üzvlərinə dərin minnətdarlığımı bildirirəm və eyni zamanda, bu mühüm sahədə gələcək fəaliyyətinizdə sizin hər birinizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim. Məlahət İbrahimqızı, buyurun, sualınızı verin.
M. İbrahimqızı. Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən Vilayət müəllimə dərin minnətdarlığımı bildirirəm, Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı çox dəyərli məlumat verdi. Mənim sualım nədən ibarətdir? Həm insan alverinə qarşı mübarizə, həm də qadınlara qarşı zorakılıq dünyada çox ciddi qlobal problemlərdən hesab olunur. Noyabr ayında dünyada bu problemlərə qarşı mübarizə aylığı həyata keçiriləcəkdir və Azərbaycanda da, inşallah, belə kampaniyalar aparılacaq.
Azərbaycan cəmiyyətində bu bir reallıqdır ki, Azərbaycan qadınları ailə-məişət zorakılığı ilə bağlı polisə, ümumiyyətlə, hüquq mühafizə orqanlarına müraciət etmirlər. Ümumiyyətlə, Daxili İşlər Nazirliyində yeniyetmələrlə işləyən polis işçiləri var idi. Bu sahədə qadın polis işçilərinin işə cəlb olunması nəzərdə tutulubmu? Əslində, elə sahə müvəkkilləri, əsasən, öz ərazilərində baş verən ailə problemləri və cinayət işləri ilə məşğuldurlar. Dünyanın inkişaf etmiş ölkələrində, eləcə də qardaş Türkiyədə, qonşu Gürcüstanda artıq polis strukturuna qadınları daha çox cəlb eləməyə başlayıblar. Xüsusilə də bu qadın polis işçiləri ailədaxili məişət zorakılığı, yetkinlik yaşına çatmayanların işləri və eləcə də insan alverinə qarşı mübarizə ilə bağlı işlərə cəlb olunmuşlar. Belə bir perspektiv plan Azərbaycan Daxili İşlər Nazirliyində də gözlənilirmi? Bu sahədə vəziyyət necədir? Çox sağ olun.
Sədrlik edən. Sual olmadı, çıxış oldu. Əgər etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək, çünki yazılanlar çoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa buyursun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun çıxışını dinlədik, bu sahədə görülən işlərlə bağlı çox ətraflı məlumat verildi. Hesab edirəm ki, son vaxtlar Azərbaycanda bu istiqamətdə, həqiqətən də, köklü dəyişikliklər baş verir. Bu da ondan ibarətdir ki, artıq mətbuatda, televiziyada və başqa kütləvi informasiya vasitələrində əvvəlki kimi bu sahədə boşluqların və yaxud da cəzasızlığın olması hiss olunmur. Müəyyən dərəcədə mübarizənin aparılma istiqamətinin, televiziya təbliğatlarının, ayrı-ayrı təbliğat materiallarının cəmiyyətdə yayılmasının şahidi oluruq.
Bunlar müsbət hallardır. Amma bu elə bir sahədir ki, burada bir strukturun bunun qarşısını alacağına, yaxud da buna son verəcəyi illüziyasına heç kim qapılmamalıdır. Cəmiyyətin burada nə dərəcədə fəal iştirak eləməsinin önəmli rolu var. Burada təhsil müəssisələrindən başlamış digər strukturlara qədər hamının üzərinə ciddi iş düşür.
Digər tərəfdən, insan qurbanlarının yaranmasına səbəb ola biləcək müəyyən proseslərin dayandırılması istiqamətində də cəmiyyətdə müəyyən işlərin görülməsi vacibdir. Məsələn, əgər bir ölkədə sahibsiz uşaqların yerləşdiyi internat məktəblər, yaxud da təhsil aldığı sistem tam təkmilləşməyibsə, insan alveri qurbanlarını aşkar eləyəndən sonrakı prosesdə onların islah olunması, müəyyən dərəcədə yenidən normal həyata qaytarılması və vətəndaş kimi fəaliyyət göstərməsi imkanları ortadan qalxır.
Nə qədər maarifləndirmə işi aparırsan, apar, bu gün Azərbaycanın kəndlərində, şəhərlərində bir reallıq var. Əgər valideynin bir mağazası, obyekti varsa, orada satıcı 12–14 yaşlı uşaqdır. Qız uşaqları, oğlan uşaqları, dəxli yoxdur, bu, Azərbaycanda geniş yayılıb. Gərək kimsə müvafiq orqanlara məlumat versin ki, bununla maraqlansınlar. Amma çox vaxt bu da baş vermir. Bu, adi hala çevrilib, yaşayış səviyyəsi ilə bağlı məsələdir. Valideyn çörək pulu qazanmalıdır, məcburdur ki, iki-üç uşağını məktəbdən ayırıb ticarət obyektində işlətsin.
Bu, olduqca ciddi bir problemdir və Azərbaycanda uşaqların əhəmiyyətli bir hissəsi təhsildən kənarda qalır. Formal olaraq məktəbə baş çəkirlər və məktəbdən qayıdandan sonra böyük əksəriyyəti valideynlərinin obyektlərində çalışmağa məhkumdurlar. Bunu etməyə də bilməzlər, çünki ailəyə çörək pulu qazanmaq lazımdır və hamı burada iştirak eləməlidir. Ən böyük problemlərdən biri budur və bu nəzarətsizlik çox vaxt onların qurbanlara çevrilməsinə səbəb olan amillərdən biridir.
Digər tərəfdən, yoxsulluq, işsizlik, insanların müəyyən maddi çətinlikləri də onları məcbur edir ki, başqa ölkələrə üz tutsunlar. Valideynlər buna nəzarət eləyə bilmirlər. Ona görə də bir qurumun üzərinə bu məsələnin qoyulması yanlışdır. Bütün cəmiyyətin bu prosesdə fəal iştirakı vacibdir.
Bir də, ən ciddi məsələlərdən biri məcburi əməyə cəlb edilməklə bağlıdır. Həqiqətən də, Çin, Əfqanıstan və başqa ölkələrin vətəndaşlarının bu ölkədə müəyyən əməyə cəlb edilməsi məsələsi var. Bu prosesi təşkil eləyənlərin üzə çıxarılması və müəyyən cəza mexanizmlərinin işə salınması vacibdir ki, cəmiyyət bunu bilsin. Bizim öz vətəndaşlarımıza iş tapılmır və kənardan işçi qüvvəsi gətirməklə, əslində, özümüz üçün müəyyən problemlər yaradırıq. Ümumiyyətlə, bu sahədə görülən işləri müsbət qiymətləndirirəm. Xüsusilə müavinətlərin 33 manatdan 200 manata qədər qaldırılması daha real bir rəqəmdir. Bu, qurbanların sonradan reabilitasiya olunmasında və inteqrasiya dövründə onların həyata qayıtmasında müsbət rol oynayır. Amma bu sahədə beynəlxalq təşkilatların iradlarını da ciddi diqqətə almalıyıq. Hər halda onlar da əsassız deyil. Azərbaycan cəmiyyəti bu istiqamətdə birlikdə mübarizə aparmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc. Vilayət müəllim, xahiş edirəm, qeyd eləyin, çünki hər suala ayrıca cavab vermək çox vaxt aparacaq.
Z. Oruc. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi və Milli Koordinator səviyyəsində ötən dövr ərzində Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində çox mühüm tədbirlər həyata keçirilib. Bu həm hüquqi müstəvinin formalaşmasında, beynəlxalq konvensiyaların, müxtəlif protokol, normativ aktların qəbulunda, həm də birgə işçi formalarının tapılmasında özünü göstərir.
Hesabatda qeyd olunduğu kimi, bu, terrorizm və narkoticarət qədər gəlirli sahə olduğundan bunun da tarixi qədimdir. İnsanın qul əməyindən, onun fiziki göstəricilərindən satış, kommersiya məqsədi ilə istifadələr olub.
Birinci, beynəlxalq hesabatlarda Azərbaycanın bu məsələdə “2-ci qrup nəzarət” siyahısında olmasına etirazla başlamaq istəyirəm. Həqiqətən də, Azərbaycanda bu dövr ərzində görülən işlərin, demək olar ki, 10 faizi o hesabatlarda yer almır. Hörmətli Vilayət müəllim çox haqlı olaraq qeyd elədi ki, bu məlumatların bizim ayrı-ayrı qeydetmə təşkilatlarına söykənmədən rəsmi statistikaya istinad edərək verilməsini çox faydalı sayırıq.
İkinci, mən hesab edirəm ki, qarşıdakı dönəmdə mübarizənin əsas səbəbləri təxminən aşağıdakılar olmalıdır. Birinci olaraq əmək miqrasiyasını həyata keçirən qurumların bu məsələdə məsuliyyəti gücləndirilməlidir. Bizi də ayrı-ayrı hesabatlarda məhz qanunda müxtəlif müddəaları verməməkdə ittiham edirlər. Biz o maddələri cinayət qanunvericiliyinə gətirməliyik. Məsələn, əmək miqrasiyasını həyata keçirənlər vətəndaşların haqlarını pozacaqları halda məsuliyyət daşımalıdırlar. Bu, inzibati məsuliyyət də ola bilər, cinayət məsuliyyəti də.
İkinci, övladlığa götürülmə faktları Azərbaycan mediasında bir sıra dövrlərdə yer alıb. Biz Rusiyanın televiziya kanallarında bunu tez-tez görürük. Baxmayaraq ki, bizdə xüsusi qadağalar var, ölkə daxilində övladlığa götürmə mühiti xeyli sərtləşdirilib, amma yenə bu faktlar mövcuddur. Bu məsələyə də xüsusi nəzarətin artırılması gərəkdir.
Üçüncü, İran Azərbaycana illər uzunu narkotik maddələr ixrac eləyir. Bu bir dövlət siyasətidir. Mən bunu məsuliyyətlə deyirəm, çünki bu, ildə 40 tondan artıqdır. Çoxlu faktlar var, Azərbaycan insanını orada girov kimi saxlayırlar ki, narkoticarətin fonunda sonradan o şəxsi azad eləmək mümkün olsun. Belə faktlara qarşı nəzarət gücləndirilməlidir.
Dördüncü, heç şübhəsiz ki, saxta nikahlar mühüm məsələlərdən biridir. Hələ də bu sahədə problemlər özünü göstərməkdədir. Bilavasitə turizm çətiri altında Azərbaycan insanının xaricə satılması, göndərilməsi və istismar olunması faktları bu gün də qalmaqdadır. Uşaq dilənçiliyi daxili həyatımızda özünü göstərməkdədir. Uşaqları qul əməyi səviyyəsində istismar edənlərə qarşı tədbirlər gücləndirilməlidir.
Elə hesab edirəm ki, insan orqanlarının transplantasiyası məsələsi də diqqət mərkəzində olmalıdır. Məsələn, Azərbaycan Beynəlxalq Universitetinin adı bu məsələdə çəkilmişdi. Mən bilmirəm, bu faktlar nə qədər real, nə qədər doğrudur, hər halda Azərbaycanın üzərinə kölgə salan faktlardır.
Eyni zamanda, düşünürəm ki, Azərbaycan Ermənistanla bağlı məsələləri gündəmə gətirmək üçün müəyyən şanslar əldə eləmişdir. Məsələn, Amerika Birləşmiş Ştatlarının səfirliyinin məlumatları mövcud idi ki, bu ölkə istər qul əməyi, istərsə də insanların, girov və əsir olan ayrı-ayrı şəxslərin satılması sahəsində ön mövqelərdədir. Nədənsə bu ölkənin adı ikinci qrupdadır, amma risk, necə deyərlər, xüsusi nəzarət qrupunda deyil. Azərbaycandan xeyli irəli qrupdadır. Bütövlükdə götürdükdə mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev, buyurun.
S. Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun çıxışını qənaətbəxş sayıram. Cənab Vilayət Eyvazov çıxışında qeyd etdi ki, bu mübarizəyə başlanandan indiyədək insan alveri halları üç dəfə azalıb. Təbii ki, ilk növbədə burada daxili işlər orqanlarının rolu var. Amma mənə elə gəlir ki, başqa bir məqam var. O da budur ki, Azərbaycandakı inkişaf, əhalinin yaşayış səviyyəsinin artması ona aparıb çıxarır ki, artıq Azərbaycan mənbə ölkə kimi insan alverində öz rolunu itirməyə başlayıb. Mənə elə gəlir ki, bir çox beynəlxalq hesabatlarda Azərbaycanın, əsasən, mənbə ölkə kimi göstərilməsinə baxmayaraq, Azərbaycan get-gedə təyinat ölkəyə çevrilir. Çünki yaşayış səviyyəsinin artması Azərbaycanı bir çox əmək miqrantları üçün cəlbedici ölkəyə çevirir və mənə elə gəlir ki, insan alveri aspektindən təhdidlər bu baxımdan irəli gəlir. İkinci həssas kateqoriya kimsəsiz uşaqlar məsələsidir. Bu məsələdə təhdidlər bu tərəfdən gəlir.
Üçüncü, toxunacağım bir məsələ var, az öncə onu hörmətli Zahid Oruc da qeyd etdi. Bu, Azərbaycanın haqsız olaraq ikinci risk qrupunda yer alması məsələsidir. Artıq statistika da göstərir ki, Azərbaycan mənbə ölkə olaraq get-gedə bu məsələdə öz “statusunu” itirir. Eyni zamanda, əmək miqrantlarına yanaşmaya gəldikdə xalqımızın mentalitetindən irəli gələn tolerantlıq imkan vermir ki, Azərbaycanda onlara digər ölkələrdəki kimi “qastarbayter” düşüncəsi ilə yanaşılsın. Bu baxımdan, mənə elə gəlir ki, Azərbaycan haqsız olaraq bu qrupda yer alır.
Bu məsələ ilə bağlı toxunacağım başqa bir məqam da var. Bildiyimiz kimi, cənab Prezident artıq bir neçə ildir ki, hücum diplomatiyası məsələsini qaldırıb. Bu öz bəhrəsini bir çox istiqamətlərdə göstərir. Hətta hamının “xristian” klubu kimi tanıdığı Avropa Parlamenti belə, bir neçə il bundan öncə Azərbaycan ərazilərinin işğal altında olması faktını təsdiqlədi. Bu məhz aparılan hücum diplomatiyasının bəhrəsi idi. Bir çox istiqamətlərdə də belə faktlar var, onları hər kəs bilir, ona görə təkrarlamayacağam.
Bu məruzədə qeyd edilmədi, amma mən bilmək istərdim ki, Ermənistana yanaşmada Azərbaycan tərəfi beynəlxalq tərəfdaşlarla bu məsələni qaldırırmı? Ermənistanda 4000-dən artıq azərbaycanlı əsirin olması haqqında məlumat var. Əsir düşmüş insanlardan qul kimi istifadə edilməsi haqqında çoxsaylı faktlar var. Bu faktlar beynəlxalq təşkilatlar qarşısında qaldırılırmı və buna reaksiyalar necə olur?
Sonda istərdim bir də xatırladım ki, insan alveri, qul əməyi insanın ləyaqətini alçaldan fakt olmaqla yanaşı, həm də çox qorxuludur. Ən azı ona görə ki, quldan soruşanda, sən nə olmaq istəyirsən, ən böyük arzun nədir, deyir ki, istəyirəm, özümün qulum olsun. Azad olmaq istəyirəm demir. Bu baxımdan Azərbaycanda bu istiqamətdə aparılan mübarizəni alqışlayıram və dəstəkləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycanda, doğrudan da, çox böyük işlər görülüb. İnsan alverinə qarşı mübarizə ilə bağlı milli strategiyanın, dövlət proqramının qəbul olunmasından tutmuş insan alverinə qarşı mübarizə ilə bağlı günün müəyyən olunmasına qədər çox geniş istiqamətdə tədbirlər görülüb. Bunların hamısı hörmətli Milli Koordinatorun illik məlumatında öz əksini tapdı.
Amma əfsuslar olsun ki, bəzi mötəbər beynəlxalq təşkilatların, o cümlədən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatında Azərbaycan barədə qeyri-obyektiv məlumatlar özünə yer tapır. Məsələn, 2011-ci il üzrə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatından oxuyuram: “Çin Xalq Respublikasından olan qadınlar Azərbaycanda küçə ticarətinə cəlb olunmaqla əməkləri istismar olunur. Azərbaycan qadınları İrana, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılmaqla seksual zorakılığa məruz qalırlar. Azərbaycandan kişilər Moldova, Ukrayna və Rusiyaya aparılaraq məcburi əməyə məruz qalırlar”.
Bildiyimiz kimi, hələ sovet dönəmindən istər leqal, istərsə də qeyri-leqal əmək miqrasiyaları keçmiş sovet respublikaları arasında, o cümlədən də Rusiya ilə münasibətdə var idi və bu, geniş vüsət almışdı. Amma mən düşünürəm ki, məsələlərə bu şəkildə yanaşmaq və onu “Çin Xalq Respublikasından olan qadınların küçə ticarətinə cəlb olunmaqla əməklərinin istismara məruz qalması” kimi qiymətləndirmək birmənalı şəkildə Azərbaycan Respublikasının ünvanına, onun imicinə xələl gətirən bir haldır. Düşünürəm, hörmətli Milli Koordinator gələcək fəaliyyətində müvafiq tədbirlər görməlidir ki, bu kimi hallar ən azından azalsın.
Bundan başqa, Milli Koordinatorun əvvəlki illər üzrə məlumatında ictimai mənəviyyata zidd olan cinayətlər və xətalar barədə geniş məlumat verilərdi, amma nədənsə son dövrdə bunlar azalıb. Düşünürəm ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər, eyni zamanda, inzibati xətalar hüquqazidd elə əməllərdir ki, bunlar son nəticədə insan alverinə gətirib çıxarır və yaxud da insan alverinin baş verməsi üçün münbit şərait yaradır.
Bundan başqa, əməyin istismarından danışanda, mənim fikrimcə, son dövrdə Azərbaycanda şadlıq evi biznesində azyaşlı qızların “peşəkar mələk” sifətində çıxış eləməsi və bunun hüquqi tənzimlənmədən kənarda qalması, düşünürəm ki, istər milli mentalitet, istərsə də əməyin istismarı baxımından heç də xoşagələn hal deyil.
Başqa bir fikrimi də hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istərdim. 2007-ci ildə Milli Koordinatorun illik məlumatında qadın alveri ilə bağlı bir təsnifat aparılmışdı. 2007-ci ildə qadın alveri ilə məşğul olan, daha doğrusu, bu cinayəti törədən insanların 56,2 faizi məhz elə qadınlar olmuşdur. Düzdür, belə bir təsnifatın aparılmasının elə də prinsipial əhəmiyyəti yoxdur, çünki cinayətkar elə cinayətkardır. Qadın alveri cinayətini kimin törətməsindən asılı olmayaraq, o, cinayətkardır. Amma bəzən qadın hüquqları ilə məşğul olan ictimai təşkilatlar tədbirlərdə Azərbaycan kişisinin qadınla əşya kimi davranan, onu alıb-satan obrazını formalaşdırırlar. Qadın alveri ilə məşğul olan insanların cinsiyyətinin burada elə bir əhəmiyyəti yoxdur, amma mən 2007-ci ildəki hesabatı alqışlayıram ki, belə bir təsnifat aparılmışdır. Bütövlükdə düşünürəm ki, Milli Koordinatorun bu istiqamətdə gördüyü iş kifayət qədər böyükdür və onun illik məlumatı qənaətbəxş qiymətləndirilərək qəbul olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç. Qənizadə. Təşəkkür edirəm. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun məlumatı çox dolğun və ətraflı hazırlanmışdır. Beynəlxalq ekspertlərin hesablamalarına görə bu cinayət işindən əldə olunan gəlirin illik dövriyyəsi 32 milyard dollar təşkil edirsə, onda biz, doğrudan da, bu cinayət əməlinin daha mütəşəkkil, daha professional qruplar tərəfindən hazırlanmasını və bütün transmilli ölkələr səviyyəsində olmasını qeyd etməliyik.
Azərbaycan da, təbii ki, dövlətlərdən biri kimi bu cür cinayətlərdən yan keçə bilməz. Amma nəzərə alaq ki, 2004-cü ildən sonra Azərbaycanda rəsmən bu sahəyə qarşı mübarizə başladı. 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun və eyni zamanda, insan alveri əməlinin cinayət kimi tanınması üçün Cinayət Məcəlləsində edilmiş əlavə və dəyişikliklər, bu fəaliyyətin hüquqi bazasının genişləndirilməsi üçün qəbul olunmuş normativ aktlar, sənədlər bir daha göstərdi ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” Konvensiyasına, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu”na və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına böyük hörmətlə, diqqətlə yanaşır və bu sahədə mübarizəsini genişləndirir.
Bir şeyi qeyd etmək istəyirəm ki, 2011-ci ildə hökumət tərəfindən “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş Proqram” bu sahədə mübarizəyə daha bir əməli köməyin formasıdır. Belə hesab edirəm ki, bu sahədə mübarizə aparan orqanlara bu proqram çox ciddi kömək və dəstək olacaqdır.
Ancaq bir məsələ məni həm sevindirir, həm də bununla bağlı bir sual vermək istəyirəm. Qeyd olunur ki, maarifləndirmə məqsədi ilə orta məktəb müəllimləri üçün 19 min yaddaş kitabçası, şagirdlər üçün 81 min cib kartı və bukletlər paylanmışdır. Bu olduqca gözəldir və gələcəkdə bunun sayının artırılması daha önəmli olardı. Niyə? Çünki biz bu cinayətin qurbanlarının təhsili məsələsinə baxarkən məlum olur ki, ümumiyyətlə, ali təhsillilər bu cinayətin qurbanı olmayıblar. Hamısı orta, natamam orta təhsillidirlər. Ona görə, hörmətli Vilayət müəllim, mən çox istərdim ki, gələcəkdə orta məktəblərin yuxarı sinif şagirdləri üçün bu maarifləndirici tədbirlərin daha da gücləndirilməsini məqsədəuyğun hesab edəsiniz.
Burada əməyə cəlb etməklə bağlı bir məsələ öz əksini tapır. Qeyd olunur ki, bir neçə şirkətdə məcburi əməyə cəlbetmə faktları olmuşdur. Bu faktlar əmək haqqının tam və yaxud da natamam ödənilməsi ilə bağlıdır. Amma məcburi əməyə cəlb etməkdə əməyin haqqı ödənilmir. Ona görə mən belə hesab edirəm ki, bu bəndin özündə bir balaca tələskənlik olub, çünki əgər onun əmək haqqı ödənilirsə və yaxud da natamam ödənilirsə, orada mübahisələr həllini tapırsa, burada məcburi əməyə cəlb etməkdən söhbət gedə bilməz.
Məni narahat edən məqamlardan biri də budur ki, burada qeyd olunduğu kimi, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar gedir. Bunun da Azərbaycan mətbuatı və eyni zamanda, qeyri-hökumət təşkilatlarından əldə olunan informasiyalarla bağlılığı var və Azərbaycan haqqında həmişə mənfi imic formalaşdırmağa çalışırlar. Əgər belə olmasa idi, Azərbaycan “2-ci qrup nəzarət” siyahısında olmazdı.
Mən də qeyri-hökumət təşkilatının rəhbəri kimi təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həqiqətən də, bizim bəzi həmkarlarımız beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün bu cür hərəkətlərə yol verirlər. Mən həmişə demişəm, bir daha təkrarlayıram, biz öncə Azərbaycan vətəndaşıyıq, sonra qeyri-hökumət təşkilatının rəhbərləriyik. Bu baxımdan mən çox istərdim ki, bu sənədlərin hazırlanmasında diqqətli olaq, hüquq mühafizə orqanlarının, Daxili İşlər Nazirliyinin apardığı bu ciddi, önəmli və müsbət işə kölgə salmaqdan çəkinək. Beynəlxalq təşkilatlar da, təbii ki, həmişə Azərbaycanda qaşınmayan yerdən qan çıxarmaq üçün hesabatlarını bu cür davam etdirəcəklər. Belə hesab edirəm ki, ruhdan düşməyə dəyməz. Sağ olun.
Sədrlik edən. Fərəc Quliyev.
F. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan mövzu çox ciddidir. Mən Milli Koordinatora təşəkkür edirəm, çox dolğun bir məruzə elədi. Hesab edirəm ki, son dövrlərdə bu istiqamətdə çox ciddi işlər görülüb və yeni işlərin görülməsi də burada öz əksini tapıbdır.
Beynəlxalq qurumların Azərbaycan haqqında hesabat hazırlaması bəlkə də müəyyən qədər əhəmiyyətlidir, amma ən əhəmiyyətlisi Azərbaycan hakimiyyətinin, bütün hakimiyyət qollarının cəmiyyət qarşısında hesabatıdır. O, qaydasında olarsa, beynəlxalq qurumların hesabatının o qədər də əhəmiyyəti qalmaz. Mən hesab edirəm ki, kifayət qədər ciddi bir strateji xətt götürülübsə, biz işlərimizi görəcəyiksə, müəyyən məsələlərdə beynəlxalq qurumlar bizimlə razılaşırlar və bundan sonra da razılaşmaq məcburiyyətində qalacaqlar. Məncə, bu bizi narahat edən bir fakt deyil.
Mən bir neçə təkliflə çıxış etmək istəyirəm. Haqqında danışdığımız subyektləri ehtiyaclılar qrupu adlandırarıqsa, məncə, ciddi şəkildə ehtiyaclılar qrupu bankının yaradılması və onların hamısı haqqında məlumatların toplanması çox vacibdir. Yəni biz Azərbaycanda nə qədər bu tipli ehtiyaclılar olduğunu və onların göstəricilərini bir sistemə saldıqdan sonra nələr eləmək mümkündür barəsində düşünməliyik.
Hesab edirəm ki, təhsil, səhiyyə, daxili işlər nazirliklərinin və elektron kütləvi informasiya vasitələri rəhbərlərinin və sair başqa aidiyyəti qurumların birlikdə koordinasiya şurasının bir üstqurumunu yaratmaq imkanları var və bunu yarada bilərlər. Burada məqsəd nə olmalıdır? Bunların içərisində xeyli uşaq və böyüklər var və bunların həyat şəraiti elə olub ki, onlar istedadlarını üzə çıxara bilməyiblər. Hesab edirəm ki, yaradılmış xüsusi komissiya ehtiyaclılar qrupunun içərisində müəyyən adamların istedadlarını üzə çıxara bilər.
Bu çox rahat bir məsələdir. Müəyyən televiziyalarda ifrat dərəcədə, bir az da lazımsız olaraq guya istedadı olan müğənniləri axtarırlar. Belə bir komissiya o adamlar arasında məhz istedadlıları axtara və onları yönəldə bilər. Cəmiyyətdən əli üzülmüş və bizim də əlimizi üzdüyümüz adamları cəmiyyətə qaytarmaq üçün bu çox normal bir məsələ olardı.
İkinci məsələ isə yaradılacaq digər bir komissiyanın həmin adamların hansı vəziyyətdə mövcud status-kvoya düşdüklərini araşdırmaq və o səbəbləri aradan qaldırmaqla bağlıdır. Daxili İşlər Nazirliyi və başqa strukturlar təkcə inzibati yollarla bu məsələlərin qarşısını ala bilməzlər və bu mümkün deyil. Bu səbəbləri aradan qaldırmaq üçün həmin adamların hansı səbəbdən o vəziyyətə düşdüyünü aydınlaşdıran bir komissiyanın yaradılması daha çox vacibdir. Mən hesab edirəm, hətta bu quruma o imkanı da vermək lazımdır ki, onlar televiziyalarda müəyyən verilişlərin getməsinə belə qadağa qoysunlar.
Biz deyirik ki, müəyyən təbliğat aparılsın, müəyyən təsir imkanları tapılsın, ədəbiyyat yayılsın. Amma onu da etiraf etməliyik ki, bəzən televiziyalarımızda davamlı gedən yersiz verilişlərin cəmiyyətin sıradan çıxmasında xeyli dərəcədə təsiri vardır və bu da nəzərə alınmalıdır.
Nazirliklər həmin üstqurumla əlaqə saxlamalıdırlar və onların vakant iş yerləri olmalıdır. Yəni ehtiyaclıların kadr bankında olan adamları yerləşdirmək üçün onların əllərinin altında vakant iş yerləri olmalıdır. Mən hesab edirəm ki, bu tədbirləri nəzərə alacaqlar. İşlərin gedişatından görünür ki, Azərbaycan qısa zamanda bu məsələləri aradan qaldırmaq imkanına malikdir. Təbii ki, nə qədər cəmiyyət varsa, bu hallar da olacaq. Amma mən hesab edirəm ki, bunu minimuma endirmək imkanlarımız var və bunları dəyərləndirmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün burada Milli Koordinatorun məruzəsini dinləyən hər bir kəs ötən illərlə müqayisədə bu sahədə irəliyə doğru atılan addımların nə qədər böyük olduğunun bir daha şahidi olur. Bu gün Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizədə çox mühüm uğurlar var. Bu uğurlar təkcə bizim tərəfimizdən deyil, beynəlxalq ekspertlər tərəfindən də çox yüksək qiymətləndirilir.
Ancaq məsələ bundadır ki, biz bu gün bu məsələyə təkcə milli müstəvidə deyil, həm də qlobal, regional müstəvidə baxmalıyıq. İnsan alveri problemi bu gün dünyada çox danışılan və çox müzakirə olunan bir məsələdir. Hörmətli Vilayət müəllimin söylədiyi kimi, əgər bir ildə insan alveri bazarının gəliri 32 milyard dollardırsa, bu, olduqca böyük bir rəqəmdir. Bu rəqəmin gerçəkləşməsi çox böyük, mütəşəkkil cinayətkar qüvvələrin birgə əməkdaşlığı nəticəsində başa gəlir.
Birləşmiş Millətlər Təşkilatında insan alverinə qarşı birinci sənəd 1949-cu ildə qəbul edilib. Ancaq həmin dövrdən bugünkü günə qədər xeyli sayda qəbul edilən həm regional, həm də qlobal sənədlərə baxmayaraq, insan alveri məsələsi nəinki azalmır, əksinə, gündən-günə artmaqda davam edir.
Burada belə bir rəqəm də söylənildi ki, bu gün 12,4 milyon insan bunun qurbanıdır. Məsələ bundadır ki, bunun 9,2-si artıq seksual istismara cəlb olunmuş insanlardır. Yəni insan alveri qurbanlarının əksəriyyəti qadınlar və uşaqlardır. Bununla əlaqədar olaraq da xeyli sənəd qəbul edilib.
Dünyada baş verən bu hadisələrlə əlaqədar olaraq 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatının xüsusi tövsiyəsi ilə Amerika Birləşmiş Ştatlarında akt qəbul edildi. Həmin akta əsasən Amerika Birləşmiş Ştatları dünyanın 180 ölkəsində mövcud olan durumla əlaqədar hesabatlar hazırlamağa bağladı. Onu da qeyd edim ki, keçən ilə qədər bütün ölkələr haqqında hesabat hazırlayan Amerika Birləşmiş Ştatları özü haqqında heç bir hesabat vermirdi. Keçən il ilk dəfə olaraq özü haqqında hesabat verdi. Bu hesabatın hazırlanmasının da səbəbi ondan ibarət idi ki, Birləşmiş Millətlər Təşkilatı insan alverinin durumu ilə əlaqədar olaraq Amerika Birləşmiş Ştatlarına 220 tövsiyə vermişdi.
Tövsiyənin məzmunu, mahiyyəti nədən ibarət idi? Amerikada seksual istismara məruz qalan qadınların sayı artmaqda davam edir, uşaq pornoqrafiyasına görə Amerika Birləşmiş Ştatları dünyada birinci yeri tutur. Qul əməyinə görə də “çox yüksək səviyyədə” dayanır. Necə olur ki, öz daxilində bu qədər proseslərin baş verməsinə baxmayaraq, ən vacib qanunları gerçəkləşdirməyən bir ölkə 180 ölkədə olan durumla əlaqədar hesabat hazırlayır və həmin dövlətlərə hətta müəyyən sanksiyanın tətbiq edilməsi ilə bağlı təsirlər də göstərir?
Məsələ bundadır ki, bu gün ölkələri mənbə, tranzit və təyinat ölkə kimi 3 yerə bölən və onlara buna görə dəyər verən Amerika Birləşmiş Ştatları özü təyinat ölkədir. İldə 50 min qadının təyinat ölkə olaraq oraya seksual istismara gəlməsi danılmaz faktdır, gerçəklikdir. Bu baxımdan biz Azərbaycana yönəlmiş həmin təsirlərə çox diqqətlə yanaşmalıyıq. Bəzən bizə yönələn o tənqidlərə qarşı biz sonradan özümüzü doğruldaraq çıxış edirik. Amma heç də belə deyil. Çox gözəl olardı ki, biz də istər Avropada, istərsə də Amerikada baş verən hadisələrlə əlaqədar elə ittihamçı kimi çıxış edək. Onda onlar bizi bərabər hüquqlu tərəf kimi tanıyarlar və Azərbaycanı “2-ci nəzarət qrupuna”, yəni risk qrupuna salmazlar.
Azərbaycanı bəzən mənbə, bəzən də tranzit ölkə kimi qiymətləndirirlər. Əgər təyinat ölkə bunda maraqlı deyilsə və qapılarını bağlayarsa, onda tranzit ölkələrdə baş verən hadisələrin, əlbəttə, qarşısı alınar. Deməli, bunda özü maraqlıdır ki, bu, mənbə ölkələrdən tranzitlə təyinat ölkələrə keçir. Bu baxımdan insan alveri ilə əlaqədar olan bütün məsələlərin həllində ölkələrin bərabər məsuliyyəti məsələsi var. Azərbaycan dövləti bu məsuliyyətdən qaçmır və bununla əlaqədar bütün konvensiyalara qoşulub, qanunlar qəbul edilir.
Burada bayaqdan sosial problemlərin insan alverinə səbəb olmasından danışılır. Hörmətli millət vəkilləri, biz bunu danışırıq, amma dövlətimiz artıq bu məsələni həll edib. Təsadüfi deyil ki, həmin insan alverinə şərait yaradan sosial durumun yaxşılaşdırılması ilə əlaqədar sənədlər var və Nazirlər Kabinetinin qərarı var. Biz öz üzərimizə düşən bütün məsuliyyəti dərk edərək insan alverinə qarşı mübarizədə ən öncül sıralardan birindəyik. Həmin hesabatlara gəldikdə isə hesabatların o şəkildə formalaşmasına yardım edən qurumlardan...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də hesabatın çox yaxşı hazırlandığı və məsələlərə əhatəli şəkildə toxunulduğu haqqında fikirlərimi bildirmək istəyirəm. Həm Milli Koordinatorun məruzəsindən, həm də əvvəlcədən bizə verilmiş hesabatların təhlilindən görünür ki, Azərbaycanda bunun qarşısının alınması ilə bağlı kifayət qədər işlər gedir və bu, davam edəcəkdir.
Hörmətli Rəbiyyət xanım qeyd elədi, bu bir ölkənin daxili məsələsi deyil. Yəni bu bir ölkə ilə çərçivəyə alına bilməz. Bununla bağlı olan beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, ayrı-ayrı insanlar birgə mübarizə apararaq bunun qarşısını ala bilərlər. Yəni insan alverinə qarşı mübarizə narkotik maddələrə, silah alverinə və terrora qarşı mübarizə kimi birlikdə aparılmalıdır. Hər bir dövlət də buna qarşı apardığı mübarizəni konkret olaraq göstərməlidir.
Hər hansı bir dövlətin ixtiyarı yoxdur ki, başqa dövlət haqqında hesabat versin. Biz istər seçki haqqında, istər demokratiyanın inkişafı haqqında, istərsə də siyasi sistem haqqında hesabatlara qulaq asırıq. Hər il görürük ki, eyni forma, eyni qərəz, eyni yanaşma tərzi burada öz əksini tapıbdır. Azərbaycanda aparılan mübarizə tək ondan ötrü deyil ki, biz özümüzü onlara göstəririk. Bu, Azərbaycan dövlətinin öz qarşısına qoyduğu vəzifələrdən biridir və Azərbaycan bu vəzifəni yerinə yetirir. Biz nəyi isə göstərmək, öyünmək tərəfdarı deyilik. Biz ölkəmizin ərazisində olan belə halların qarşısını almaqdan ötrü mübarizə aparırıq. Bu mübarizəyə həm daxili işlər orqanlarını, həm Təhsil Nazirliyini, həm qeyri-hökumət təşkilatlarını, həm də mətbuatı qoşmaq lazımdır. Mətbuatda insanların maarifləndirilməsi üçün düzgün informasiyalar verilməlidir ki, insanlar bu işlərin qarşısının alınması üçün hara və necə müraciət edilməsini bilsinlər. İnsan alverinə qarşı mübarizə hərtərəfli şəkildə həyata keçirilməlidir.
Azərbaycan haqqında qərəzli məlumat göndərən insanlar da var. Siyasi məhbuslar haqqında siyahılar göndəriləndə bunun şahidi olmuşuq. Başqa səviyyəli məsələlər də var və yazılı şəkildə materiallar ötürülür. O da onların xislətidir. Azərbaycana nə qədər ziyan dəyirsə, onların kefi bir o qədər yaxşı olur, cibləri bir o qədər dolur. Onlar Azərbaycan xalqının deyil, öz şəxsi maraqlarını güdürlər. Bu baxımdan da mən hesab edirəm ki, işlər çox düzgün, qaydasında qoyulur.
Mən bir neçə kəlmə də miqrasiya ilə bağlı demək istəyirəm. Avropanın elə ölkəsi var ki, ildə qeyri-qanuni 100 min nəfərdən artıq miqrant qəbul edir. Biz hamımız Avropada olmuşuq. Avropanın özündə ən aşağı xidmət sahələrində miqrantların xidmətindən istifadə edirlər. Mehmanxanalarda, yeməkxanalarda, küçələrin təmizlənməsində orada yaşayan insanlar deyil, başqa bir ölkədən gətirilmişlər çalışırlar. Özü də onlar qat-qat aşağı əmək haqqı ilə işə cəlb olunurlar. Bunlar özləri haqqında məlumat yaysınlar və göstərsinlər ki, ildə nə qədər qeyri-qanuni miqrant qəbul edirlər.
Azərbaycanda böyük quruculuq, abadlıq işləri gedir. Azərbaycanın iqtisadi həyatı, neft və qaz sənayesi inkişaf edir. Bu baxımdan da başqa ölkələrdən Azərbaycana gəlmək istəyənlər var. Onlar müqavilə əsasında fəaliyyət göstərirlər. Bunların hər birini xüsusi qeyd eləmək lazımdır. Yəni fakt olmadan bu məsələləri ümumi şəkildə qeyd eləmək düzgün deyil.
Oqtay müəllim, mən hesab edirəm ki, bu məsələləri kifayət qədər müzakirə elədik. Bunu səsə qoyaq və əgər mümkünsə, qəbul edək, yaxud da bəyənək. Bununla da bu məsələni yekunlaşdıraq.
Oqtay müəllim, ikinci təklifim də ondan ibarətdir ki, iki qanunumuz var, 1 saat çox işləyək. Yəni fasiləsiz işləyək, bunları yekunlaşdıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu, işin gedişindən, çıxışlardan asılı olacaq. Çıxışlardan belə anlaşıldı ki, beynəlxalq təşkilatlarda və öz içimizdə Azərbaycanın pisliyinə danışanlar çoxdur. Bu, elə bil, bizə bir miras qalıb. Biz sovetlər dönəmini keçmişik. Sovetlər dönəmində SSRİ deyilən bir mərkəzləşdirilmiş dövlət var idi və Moskvaya çuval-çuval şikayətlər gedirdi. Bu vərdiş indi də bizdə qalıb. İndiyə kimi şikayətlər Avropa Şurasına gedirdi, indi bir pillə də qalxıb – Avropa İttifaqına, oradan da Avropa Parlamentinə. Yəni bu xüsusiyyət bizdə var.
Heç kim öz məsələsini öz daxilində həll eləmək istəmir, Azərbaycan üçün bir problem axtarır. Şər-böhtan yazıb beynəlxalq təşkilatlarda Azərbaycan haqqında mənfi imic yaradırlar. Bu imicin yaranmasının əsas səbəbi özümüzdə, daxilimizdədir. Biz buna qarşı mübarizə aparmalıyıq ki, Azərbaycan haqqında belə imic yaratmasınlar.
Mən də hesab edirəm ki, Milli Koordinatorun hesabatı ildən-ilə daha yüksək səviyyədə təqdim olunur. Ona görə imkan verək, Vilayət müəllim verilən suallara cavab versin və sonra səsvermə keçirək. Buyurun, Vilayət müəllim.
V. Eyvazov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Verilən suallara görə təşəkkürümü bildirirəm, çox maraqlı suallardır. İcazə versəniz, cavablandırım. İlk növbədə Məlahət xanımın sualına cavab verirəm.
Daxili işlər orqanlarında 2376 nəfər qadın çalışır. Qadınlara qarşı olan zorakılıq, ailə-məişət münaqişələri zəminində törədilən cinayətlər mütəmadi olaraq nəzarətdə saxlanılır, hətta bu cinayətlərə qarşı mübarizənin vəziyyətinə dair kollegiya iclasları da keçirilir. Bizim qadınlarla işləmək üçün xüsusi olaraq qadın əməkdaşlar cəlb etmək cəhdimiz olmayıb və inkişaf etmiş, bu sahədə böyük təcrübəsi olan ölkələrdə də belə faktlar yoxdur. Lakin ola bilər, müəyyən səbəblərə, xüsusilə qadınlarla işlənməsi lazım olan sahələrə görə cəlb olunsunlar. Ümumilikdə götürəndə daxili işlər orqanlarında işləməyə görə nə qadınlara, nə də kişilərə məhdudiyyət var. Təbii ki, kişilərə görə qadınlara daha üstün şərtlər nəzərdə tutulub və iş saatlarında, bayram günlərində bunlar nəzərə alınır.
Fazil müəllimin uşaqlar barədə sualı oldu. Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanların işi ilə bağlı şöbələr, bölmələr, qurumlar mövcuddur. Mütəmadi olaraq həmin uşaqlar barəsində araşdırmalar aparılır. Mən çıxışımda da qeyd etdim, təqribən 500 belə uşaq müəyyən olunmuşdur. Həmin uşaqlarla bağlı tədbirlərə isə aidiyyəti orqanlar, digər nazirliklər cəlb olunurlar.
Məcburi əməklə bağlı tədbirlər də nəzərdə saxlanılır. Bilirsiniz ki, bu gün Dövlət Miqrasiya Xidməti fəaliyyət göstərir. Onlarla və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə reydlər keçirilir. Həmin reydlər zamanı məcburi əmək və qeyri-qanuni miqrasiya halları aşkar edilərsə, müvafiq tədbirlər görülür. 2004-cü ildən sonrakı dövrdə məcburi əməklə bağlı 7 fakt aşkar olunub, cinayət işi qaldırılıb və müvafiq tədbirlər görülübdür.
Aidiyyəti olmasa da, hörmətli Zahid müəllim tərəfindən narkotik maddələrlə bağlı sual ünvanlandı. Bununla bağlı bizim də narahatçılığımız var və müvafiq tədbirlər də görülür. Uşaq dilənçiliyi ilə bağlı da qeyd etdim.
İnsan orqanlarının qeyri-qanuni transplantasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Universiteti barəsində sual ünvanlandı. Bəli, orada prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır və yəqin ki, istintaq yekunlaşandan sonra buna müvafiq qiymət veriləcəkdir.
Burada hörmətli millət vəkilləri tərəfindən hesabatların hazırlanmasına iradlar bildirildi. Biz də o iradlarla tam razıyıq, həqiqətən, hesabatların hazırlanmasında bir çox hallarda qeyri-obyektivliyə yol verilir. Lakin müəyyən səbəblər də var. Həmin hesabatlar hazırlananda həm qeyri-hökumət təşkilatlarının məlumatları, həm də bizim kütləvi informasiya vasitələrində gedən məqalələr, informasiyalar nəzərə alınır. O hesabatlarda bizə verilən qiymət də bu cür formalaşır. Mən bayaq da qeyd etdim, xahişim ondan ibarətdir ki, bu sahə ilə bağlı məlumat verən kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları diqqətli olsunlar. Tənqid də lazımdır və biz ondan nəticə çıxarmağa həmişə hazırıq. Lakin unutmaq olmaz ki, hesabat hazırlayan beynəlxalq qurumların birinin çox mühüm postunda bizim ölkəyə düşmən mövqedə duran bir ölkənin vətəndaşı əyləşir. Həmin məlumatları da o şəxslər elə bizdən alınan məlumat kimi təqdim edirlər. Bu da, təbii ki, elə sizi də, bizi də narahat edir.
Burada insan alveri, məcburi əməklə mübarizə aparılması üçün əlavə güclərin cəlb edilməsi ilə bağlı fikir səsləndi. Bir daha xatırladım ki, bu sahəyə Milli Fəaliyyət Planına uyğun olaraq 14 nazirlik və dövlət qurumları cəlb olunubdur. Eyni zamanda, 100-dən çox qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edilir. Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər planına uyğun olaraq müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Burada həm də təbliğat və təşviqat işlərinin davamlı olması barədə fikir səsləndirildi. Gələn illərdə bunlar nəzərə alınacaq və təbliğat işləri davamlı olacaqdır. Bir daha mən sizə suallarınıza görə və burada səsləndirilən fikirlərinizə görə təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, məlumat nəzərə alınsın. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Vilayət müəllim, sağ olun.
Hörmətli millət vəkilləri, təklif oldu ki, tənəffüssüz işləyək. Ona görə təklif edirəm ki, birinci oxunuş olduğu üçün əvvəlcə Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanun layihəsinə baxaq. O biri qanun layihəsinin ikinci oxunuşudur. Buyursun Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar və qonaqlar! Mədəni bitkilərin genetik ehtiyatları kənd təsərrüfatı bitkilərini və onların yabanı əcdadlarını, əhalinin ərzaq və dərman bitkisi kimi istifadə etdiyi bitki növlərini əhatə edir. Əhalinin sürətlə artması, təbii sərvətlərin tükənməsi, havanın, suyun və atmosferin çirklənməsi, meşə sahələrinin azalması, yeni yaşayış məntəqələrinin və yolların salınması, boru kəmərlərinin, suvarma kanallarının çəkilməsi və ərazi mənimsənilməsinin digər formaları bitkilərin təbii məskunlaşma yerlərinin məhv edilməsi və genetik aşınması ilə müşayiət olunur. Alimlər hesablamışlar ki, son 100 ildə dünyada becərilən bitki sortlarının təqribən 75%-i itmişdir. Bu isə kənd təsərrüfatının gələcək inkişafı və davamlılığı üçün arzuolunmaz nəticələr törədə bilər.
Bunun qarşısının alınması üçün alimlər, elm mərkəzləri tərəfindən müxtəlif kənd təsərrüfatı bitkilərinin ən vacib növləri, sort və formaları toplanaraq genetik bank adlanan mərkəzlərdə elmi cəhətdən əsaslandırılmış şəraitdə kolleksiyalar kimi saxlanılır. Dünyada 1480-ə yaxın genetik bank mövcuddur və onlarda kənd təsərrüfatı bitkilərinin təqribən 5,8 milyon nümunəsi toplanmışdır.
Bu gün beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin imkanlarının səfərbər edilməsi yolu ilə mədəni bitkilərin və onların yabanı əcdadlarının elmi cəhətdən əsaslandırılmış etibarlı mühafizəsi və səmərəli istifadəsinin təmin olunması üçün beynəlxalq normativ-hüquqi baza, müqavilə və sazişlər sistemi yaradılmışdır. Burada ilk növbədə BMT səviyyəsində hazırlanaraq dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş bir sıra sənədləri – Bioloji Müxtəlifliyə dair Konvensiyanı, Bitkilərin Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planını, Bitkilərin genetik ehtiyatlarının yığılması və ötürülməsi üzrə Beynəlxalq Kodeksi, Bioloji Təhlükəsizliyə dair Kartaxena Protokolunu, Bitkilərin Yeni Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və s. göstərmək olar. Bu konvensiyaların bir çoxuna Azərbaycan dövləti də qoşulmuşdur. Təbii-tarixi şəraitin müxtəlifliyinə görə bitkilər aləminin çox böyük genetik zənginliyinə və bir neçə minilliyi əhatə edən əkinçilik mədəniyyətinə malik olan Azərbaycanda da mədəni bitkilərin genetik ehtiyatları ilə bağlı problemlər olduqca aktualdır.
Keçmiş Sovetlər İttifaqı dövründə Azərbaycanın milli bitki genetik ehtiyatları fondu Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutunda saxlanılırdı. SSRİ dağıldıqdan sonra bir tərəfdən, bu institutla əlaqələrin zəifləməsi, digər tərəfdən, bitki nümunələrinin Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin institutlarında əlverişsiz şəraitdə saxlanması nəticəsində bir çox nümunələr itib-batmış və ya yararsız hala düşmüşdür. Bu gün Azərbaycanda bitki genetik ehtiyatları üzrə mərkəzi məlumat bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itmiş, qalan hissəsi isə Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunda əlverişsiz şəraitdə saxlanılır.
Ən acınacaqlı cəhət ondan ibarətdir ki, bu gün Azərbaycanın kənd təsərrüfatına, bitki seleksiyasına, ümumiyyətlə, aqrosistemə gen mühəndisliyinin təsiri getdikcə artmaqdadır. Sirr deyildir ki, ölkəyə genetik modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, geni dəyişdirilmiş bitki sortlarının toxumları, tingləri də gətirilir. Halbuki 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsində genetik modifikasiya olunmuş bitkilərin toxumlarının idxalı qadağan edilmişdir. Digər tərəfdən, 2008-ci ildə qəbul edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun 6.0.5-ci, 16.9-cu və 18.4-cü maddələrində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadənin məhdudlaşdırılmasına dair müddəalar öz əksini tapmışdır.
Ölkədə genetik ehtiyatlarla bağlı yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün hələ 1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində akademik Cəlal Əliyevin rəhbərliyi ilə Bitki genetik ehtiyatları komissiyası və Milli əlaqələndirmə şurası yaradılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsində və Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturlarında bioloji müxtəlifliyin toplanması, qorunması, səmərəli istifadə olunması istiqamətində tədqiqat işlərinin aparılması qərara alınmışdır. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bioloji müxtəlifliyin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsinə dair dövlət komissiyası yaradılmışdır. 2006-cı ildə Biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair milli strategiya və fəaliyyət planı hazırlanmış və Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmişdir.
Bu məsələyə ciddi önəm verilməsinin nəticəsidir ki, bu ayın əvvəllərində, yəni oktyabrın 3-ü və 4-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə Bakıda bitki genetik ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. İki gün davam edən, 15 xarici ölkəni və 6 beynəlxalq təşkilatı təmsil edən 40-dək, Azərbaycandan isə 100-dən çox alimin iştirak etdiyi bu konfransda dünya əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında bitki genetik ehtiyatlarından səmərəli istifadə məsələləri müzakirə edilmişdir.
Hazırda Azərbaycanda 13 müxtəlif təşkilatın nəzdində saxlanılan 34 kolleksiyada taxıl, paxla, meyvə və giləmeyvə, üzüm, tərəvəz - bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərin çox böyük elmi və praktiki dəyərə malik qiymətli xalq seleksiyası sortlarının, nadir, endemik, relikt formalarının 13 minə yaxın nümunəsi toplanmışdır. Bu genetik zənginliyin xüsusi mərkəzdə – Milli Genbankda cəmlənməsi və lazımi şəraitdə saxlanması, mühafizəsi və səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.
Ölkə səviyyəsində bu ehtiyatlarla bağlı fəaliyyətlərin idarə olunması, milli və beynəlxalq əlaqələrin yaxşılaşdırılması, elmi tədqiqat işlərinin səviyyəsinin və maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yüksəldilməsi məqsədilə bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsinin hüquqi əsasını və normativ hüquqi bazasını müəyyən edən Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi Milli Elmlər Akademiyasının təklifi, Aqrar siyasət komitəsi üzvlərinin təşəbbüsü və Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə hazırlanmışdır. Bu qanun Azərbaycan Respublikasında mədəni bitkilərin, onların yabanı əcdadlarının genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.
4 fəsil və 27 maddədən ibarət olan bu layihə rəy almaq üçün Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirliklərinə, Gömrük, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələrinə, habelə Milli Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarına göndərilmiş, onların rəy və təklifləri nəzərə alınmaqla yenidən işlənərək sizin müzakirənizə təqdim olunmuşdur.
Ümumi müddəalara həsr olunmuş I fəsildə əsas anlayışlar, bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericilik, qanunun məqsədi, bitkilərin genetik ehtiyatlarının obyektləri, genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasətinin istiqamətləri və fəaliyyətin əsas prinsipləri verilmişdir.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində idarəetmənin əsasları” adlanan II fəsildə bu sahədə dövlətin üzərinə düşən vəzifələr, genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Proqramın qəbul edilməsi, idarəetmə sisteminin qurulması, o cümlədən Milli Komitənin, Milli Əlaqələndirici İnstitutun, Milli Genbankın, ixtisaslaşdırılmış ekspert şuralarının və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının müəyyən edilməsi nəzərdə tutulur.
Layihənin 11-ci maddəsində genetik ehtiyatların müxtəlif istiqamətlər və subyektlər tərəfindən yaradılmasını nəzərdə tutan genbankların və Milli Genbankın hüquq və vəzifələri və fəaliyyət prinsipləri verilir. Azərbaycan Respublikasının Milli Genbankında ümummilli dəyərə malik mədəni bitkilərin genetik ehtiyatları, kolleksiyaları, genetik eroziyaya uğrayan və nəsli kəsilmək təhlükəsində olan növlər, növ müxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanır, etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, elmi və digər məqsədlər üçün paylanır, hərtərəfli öyrənilir, səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir, məlumat bazası yaradılır. Milli Genbank xüsusi mühafizə olunan təbiət obyekti statusuna malikdir.
12-ci maddə mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarından bəhs edir. Bu kolleksiyalar öz təyinatına görə bir neçə qrupa bölünür. Məsələn, milli baza kolleksiyaları, aktiv işlək kolleksiyalar, dublikat kolleksiyalar, genetik kolleksiyalar və sair.
13-cü, 14-cü və 15-ci maddələr mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı, məlumat və maarifləndirmə təminatı və iqtisadi stimullaşdırma məsələlərini tənzimləyir.
III fəsil mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı dövlət nəzarətinin təşkilindən bəhs edir. Burada mədəni bitkilərin genetik ehtiyatlarının kolleksiya sahiblərinin uçotu və qeydiyyatı, genetik ehtiyatın əldə edilməsi qaydaları, bu fəaliyyətə qoyulmuş məhdudiyyətlər, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin və Azərbaycan Respublikasına məxsus mədəni bitki brendlərinin mühafizəsi, geni dəyişdirilmiş bitkilərlə davranma sahəsində münasibətlər və digər məsələlər verilmişdir.
Brend dedikdə Azərbaycan xalqına və dövlətinə mənsub olan bitki növləri və sortları nəzərdə tutulur. Yəni Göyçay narı, Naxçıvan hülü şaftalısı, Zirə və Xaçmaz pomidorları, Hövsan soğanı, Sabirabad qarpızı və sair nəzərdə tutulur. Bildiyiniz kimi, mənfur qonşularımız xalqımıza məxsus musiqiləri, mahnıları, xalçaları və digər incəsənət, mədəniyyət və məişət nümunələrini öz adlarına çıxmaqla məşğuldurlar. Onlar hətta Azərbaycanda xalq və elmi seleksiya yolu ilə yaradılan bitki növləri və sortlarını da mənimsəyirlər. Əriyin vətəninin Ermənistan olması barədə bir neçə ildir ki, beynəlxalq konfrans da keçirirlər. Ona görə də biz öz milli bitki brendlərimizə sahib çıxmalı, onların bizə məxsusluğunu hüquqi zəmində həll etməliyik.
Layihənin 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasına məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur. Mədəni bitki brendlərinin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22-ci maddədə geni dəyişdirilmiş bitkilər, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitkilərinin sortları üzrə həyata keçirilən fəaliyyətin Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənməsi nəzərdə tutulur. Yəni bu gün bütün dünyada, o cümlədən Azərbaycanda böyük problemə çevrilmiş genetik modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, satışı, idxalı və ixracı məsələləri yeni hazırlanacaq xüsusi qanunla tənzimlənəcəkdir.
IV fəsil mədəni bitkilərin genetik ehtiyatları üzərində mülkiyyət növləri, genetik ehtiyat sahiblərinin hüquqları və vəzifələri, qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı məsələlərə həsr olunmuşdur. Mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatları həm dövlət, həm bələdiyyə, həm də xüsusi mülkiyyətdə ola bilər.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən çıxışımda çalışdım ki, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dünyada və ölkədə baş verən proseslərin aktuallığını, problemlərin mövcudluğunu, BMT çərçivəsində dünya ölkələri tərəfindən bu məsələyə çox ciddi önəm verilməsini və tədbirlər həyata keçirilməsini az da olsa, diqqətinizə çatdıra bilim.
Onu da nəzərə almağınızı xahiş edirəm ki, layihədə elmi və beynəlxalq aləmdə qəbul edilmiş mürəkkəb terminlər, çətin dərk edilən müddəalar, yaradılması nəzərdə tutulan komissiyalar, qurumlar, genbanklar, kolleksiyalar barədə məlumat vardır. Onların bir çoxu indi də mövcuddur, fəaliyyət göstərir, komissiyalar ictimai əsaslarla işləyir və sair. Yəni bu məsələlər yeni deyil, qanunda, sadəcə olaraq, onların ölkəmizdə fəaliyyətinin hüquqi bazası yaradılır. Layihənin müzakirəsinə bu sahənin tanınmış alimlərini də dəvət etmişik. Nə sualınız olsa, məndən və onlardan ətraflı cavab ala bilərsiniz.
Aqrar siyasət komitəsi hesab edir ki, qanun layihəsi olduqca vacib bir məsələnin həlli üçün normativ-hüquqi baza yaradır, birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul oluna bilər.
Layihənin müzakirəsində əməli təklif və rəylərini bildirəcək hörmətli həmkarlarıma komitənin üzvləri adından əvvəlcədən minnətdarlığımı bildirirəm. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Gülər xanım, sualınız var? Buyurun.
G. Əhmədova. Təşəkkür edirəm. Mən hörmətli Eldar müəllimdən və yaxud burada kənd təsərrüfatı sahəsinin ekspertləri, mütəxəssisləri varsa, onlardan bir şey soruşmaq istəyirdim. Bu gün Azərbaycanda, əsasən, Şabran, Siyəzən zonasında ildə iki-üç dəfə məhsul verən meyvə ağacları əkilir. Bir tərəfdən bu çox böyük iqtisadi nailiyyət kimi qiymətləndirilir, insanlar kifayət qədər yaxşı pul qazanırlar. Amma ikinci tərəfdən bunu hər kəs bilir ki, normalda heç bir meyvə ağacı ildə iki-üç dəfə bar verə bilməz, bu, birmənalı şəkildə geni dəyişdirilmiş bitkilərdir. Bu bitkilər bizim hamımızın evinə gəlir və həm özümüzün, həm də uşaqlarımızın səhhəti üçün ciddi problemlər yaradır.
Mən bu qanunun qəbul olunmasının tərəfdarıyam və səs də verəcəyəm. Amma artıq Azərbaycanda bu proses gedir və geni dəyişdirilmiş toxumlar da alınıb ölkəyə gətirilir. Əsas göstərici budur ki, əladır, gözəldir, ildə iki-üç dəfə məhsul verir. Amma bunun altında hansı dəhşətlər var? Mənə elə gəlir ki, biz hələ bu barədə fikirləşmirik. Mən xahiş edirəm ki, bu məsələ ilə bağlı bizə arayış versinlər.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A. Mustafayeva. Çox sağ olun. İlk öncə onu qeyd etmək istəyirəm ki, bu qanun layihəsini İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu olaraq biz çoxdandır gözləyirdik. Soruşarsınız, nə üçün? Onun üçün ki, mən bu qanuna təhlükəsizlik baxımından baxıram. Biz burada yalnız bitkilərdən danışmırıq. Biz millətimizin, sərvətimizin təhlükəsizliyindən danışırıq. Geni modifikasiya olunmuş orqanizmlərdən istifadə olunması nəticəsində alınan bitkilər, təəssüflər olsun ki, – alimlər tərəfindən göstərilib və nəticələr də var, – sonsuzluğa, immunitetin aşağı düşməsinə, landşaftın dəyişilməsinə gətirir. Bu bitkilərin becərildiyi yerdə artıq başqa heç nə bitmir.
Bu elə bir problemdir ki, təklikdə heç bir ölkə onu həll eləyə bilməz. Ona görə bütün ölkələrdə müvafiq qanunlar qəbul olunur və sivil qaydalarda hədlər qoyulur. Bizdə də insanların dükandan aldığı məhsulların üstündə göstərilməlidir ki, bunun tərkibində “GMO” var, yoxsa yoxdur və neçə faizdir? Avropa Birliyində 0,9 faizə icazə verilir, ondan artıq yox. Elə Avropa ölkələri var ki, buna tamamilə qadağa qoyub.
ABŞ-dan idxal olunan toyuq budlarından hamımız istifadə eləmişik, sonra da ondan qaçmışıq. Bu həmin “GMO” əsasında alınan soya ilə yetişdirilən toyuqların ətidir. Misal üçün, “çipsi” uşaqlarımızın yediyi məhsuldur, məktəblərdə satılır. Biz bilmirik, onun istehsalında hansı kartofdan istifadə olunur? Belə kartoflar Azərbaycana da gətirilib. Bir neçə ildən, bir neçə mövsümdən sonra, ola bilər ki, Azərbaycanda bizim orijinal Gədəbəy kartofu olmasın. Onun üçün ki, hamısı “GMO” olacaq. Belə məhsullar aylarla qalır, xarab olmur. Onlara heç zərərvericilər də yaxın gəlmir.
Afrika ölkələri aclıq keçirəndə beynəlxalq təşkilatlar onlara bu cür “GMO” məhsulları göndərmiş, lakin onlar qəbul etməmişdilər, çünki onların nəsillərinə bu ziyandır. Acından ölə-ölə onu qəbul etməmişdilər.
Biz də sərhəd qoymalıyıq. Bizə Cənubdan da, Qərbdən də, Şimaldan da kommersiya maraqları ilə belə toxumlar gətirilir və burada əkilir. Bunun qabağını almaq üçün bizə laboratoriyalar lazımdır. Bu məhsulların idxalına bizdə necəsə bir hədd qoyulmalıdır. Bu məsələni biz bir problem kimi qaldırmalıyıq. Axı biz adi bitkilərdən, güldən, çiçəkdən danışmırıq. Bu elə böyük problemdir ki, bu gün həll olunmasa, sabah gec ola bilər.
Azərbaycan bütün Avropanı natural tərəvəzlərlə, meyvələrlə təmin edə bilər. Azərbaycan Avropa bazarına brendlə çıxa bilər və hələ ki, çıxır. Amma bir-iki ilə bizim Zirə pomidorumuz olmayacaq. Hamısı kukla kimi süni şəkildə alınmış tərəvəzlər olacaq. Biz öz təbiətimizi qorumalıyıq, öz insanlarımızın sağlamlığını qorumalıyıq.
Hesab edirəm ki, birinci oxunuşda bunu qəbul etmək olar, amma sonra bunun üzərində daha ciddi işləmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanun layihəsi çox vacib sahələri əhatə edir. Qanun layihəsi əhatəlidir, genişdir, yaxşı hazırlanıb. Əlbəttə ki, birinci oxunuşda mən onun lehinə səs verəcəyəm.
Bu qanun layihəsi mədəni bitkilərin genetik tərkibinin müəyyən edilməsi, yeni sortların meydana gəlməsi, nəsli kəsilməkdə olan bir çox sortların qorunub saxlanılması, yeni məhsuldar sortların yaradılması ilə əlaqədar iqtisadiyyatın yüksəldilməsi və mənim deputat həmkarımın dediyi kimi, ən başlıcası insanların ekoloji cəhətdən təmiz və faydalı kənd təsərrüfatı məhsulları ilə təmin olunması baxımından çox qiymətlidir.
Bir vaxtlar Azərbaycanda çox məhsuldar, həm də insan orqanizmi üçün faydalı meyvə növləri olub. Hamı yaxşı bilir, “Qızıl əhmədi” alması insanlar üçün nə qədər faydalı idi. Göyçay narının şöhrəti bütün dünyaya yayılmışdı, Ağdaş heyvası dillərdə gəzirdi. Çox təəssüflər olsun ki, indi bu faydalı sortların kökü, nəsli kəsilməkdədir. Ona görə bu baxımdan da bu qanun layihəsi çox faydalıdır.
Burada dövlət siyasətinin əsas istiqamətlərinin, eləcə də bu sahədə fəaliyyətlə əlaqədar prinsiplərin müəyyən edilməsi, bununla əlaqədar dövlət proqramının hazırlanması, mühüm idarəetmə sisteminin, Eldar müəllimin xatırlatdığı kimi, Milli Komitənin, Milli Əlaqələndirmə İnstitutunun yaradılması çox vacib şərtlərdəndir.
Bu qanun layihəsi üzərində çox böyük iş gedib. Layihə birinci oxunuşun tələblərinə cavab verir. Mən hesab edirəm ki, onu birinci oxunuşda qəbul etmək olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L. Abdullayeva. Hörmətli həmkarlar, gündəliyə çıxarılmış Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanun layihəsi kifayət qədər aktual məsələlər sferasına aid edilməlidir. İlk baxışdan sırf aqrar sahəyə aid edilsə də, fikrimcə, bu qanun layihəsi daha geniş spektri əhatə edir. Onun ayrı-ayrı müddəaları, normaları çox mühüm əhəmiyyətə malik ərzaq təhlükəsizliyi, beləliklə də, milli genefondumuzun qorunması, milli təhlükəsizlik məsələsini də əhatə və tənzim edir.
Bu qanun layihəsinin müzakirəsi kontekstində mən bir məsələyə münasibətimi bildirmək istəyirəm. Geni modifikasiya olunmuş məhsullar bu gün dünyanın otuza qədər ölkəsində yetişdirilir. Lakin bu da hər birimizə məlumdur ki, bu gün, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə qida məhsullarının keyfiyyəti, ekoloji təmizliyi və bioloji təhlükəsizliyi diqqət mərkəzindədir. Bu cür məhsullardan istifadə bir sıra hallarda əhalinin həyat və sağlamlığına ağır zərərin vurulmasına gətirib çıxarır.
Müxtəlif ölkələrdə bu cür ərzaq növlərinə münasibət də fərqli xarakter daşıyır. Məsələn, Hindistanda bu tip bitkilərin becərilməsi tam sərbəstdirsə, inkişaf etmiş ölkələrdə bir sıra məhdudiyyətlər qoyulmaqdadır. Qonşu və qardaş Türkiyədə isə bu məsələ hətta milli təhlükəsizlik haqqında qanunda da öz əksini tapmışdır.
Düşünürəm ki, bu qanunun Aqrar siyasət komitəsi tərəfindən işlənib hazırlanması olduqca müsbət bir haldır. Təbii mədəni bitkilərin milli kataloqlarının hazırlanması, xüsusilə gen bankının yaradılması və yerli bitki sortlarının mühafizəsi, bu sahədə dövlət proqramının qəbulu, fikrimcə, həm də gen mutasiyasına məruz qalmış bitki və ərzaq məhsullarından gələcəkdə vətəndaşların uzaqlaşdırılmasına imkan verəcəkdir. Bu baxımdan bu qanunun qəbul edilməsini mən həm də dövlətin, ölkə rəhbərliyinin vətəndaşların həyat və sağlamlığına olan qayğısının bariz nümunəsi kimi qiymətləndirərdim.
Dövlətimizin bu sahədə prinsipial mövqeyi də vurğulanmalıdır. Məlumdur ki, Azərbaycan 2000-ci ildə BMT-nin Bioloji müxtəlifliyə dair Konvensiyasına, 2005-ci ildə isə bu Konvensiyadan irəli gələn Biotəhlükəsizliyə dair Kartaxena Protokoluna qoşulmuşdur.
Mən təklif edərdim ki, gələcək nəslin sağlamlığının müdafiəsi üçün uşaq qidalarının istehsalında bu tip məhsullardan istifadə tam şəkildə qadağan edilsin. Tərkibində belə elementlər olan uşaq qidalarının, süd məhsullarının respublikamıza idxalına qadağa qoyulsun. Eyni zamanda, təhsil müəssisələrində belə ərzaqlardan istifadə məhdudlaşdırılsın. Bu məsələyə nəzarət daim diqqət mərkəzində olsun. Belə hallara təkrar yol verən şəxslər isə məsuliyyətə cəlb edilsinlər. Bildirmək istəyirəm ki, oxşar qərar Avropa İttifaqı ölkələrində artıq qəbul edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Fərəc Quliyev.
F. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hesab edirəm ki, çox səmərəli qanun layihəsidir. Təbii ki, səs verəcəyik, qəbul olunacaq. Amma düşünürəm ki, mədəni bitkilərin genetik ehtiyatlarını qorumaq üçün kompleks tədbirlər haqqında da düşünməyimiz lazımdır.
Məncə, Azərbaycanda istehsal olunan istehlak məhsullarının kənardan alınmasına məhdudiyyət qoyulmalıdır. Bax elə keçən il, 2010-cu ildə Azərbaycanda istehsal oluna bilən təxminən 500 milyon manatlıq kənd təsərrüfatı məhsulunu xaricdən almışıq. Valyutamız kənara çıxır. Bunu tətbiq eləməklə Azərbaycanın valyuta ehtiyatlarını qorumuş olarıq, həmin vəsait daxildə xərclənər. Bunu eləmək üçün gömrükdə avtonom tariflər deyilən sistem var. Avtonom tariflər tətbiq eləməklə ən azından ona nail ola bilərik ki, heç olmasa, Qubada – almanın istehsal olunduğu yerdə İran alması gətirib satmazlar. Yaxud Gədəbəy kartofunu hər yerə ixrac etmək imkanımız ola-ola İran kartofunu Azərbaycan bazarına buraxmarıq və sair.
Hörmətli Eldar müəllim bayaq burada müxtəlif bitki sortlarını, məsələn, Naxçıvan şaftalısını qeyd elədi. Naxçıvanda əgər camaatın istehsal elədiyi məhsulu bazara çıxarmaq imkanı olmayacaqsa, Azərbaycana başqa ölkələrin o adla məhsulları, özü də geni dəyişdirilmiş məhsulları daxil olacaqsa, Naxçıvanda şaftalını necə qoruya bilərik? İnsanlar iki-üç il həmin məhsulu istehsal eləməyəcək, becərməyəcəklər və o, sıradan çıxacaq.
Buna görə həm də əyalətlərə istiqamətlənmiş siyasət yürütmək lazımdır. Kənd təsərrüfatının əyalətlərdə inkişafı üçün bu sahəyə ayrıca investisiya qoyulmalıdır. Məsələn, blokadada olan Naxçıvanda hər rayonda bir neçə konserv zavodunun tikilməsi nə böyük şeydir ki. Orada həm iş yerləri açılar, həm də kənd təsərrüfatı məhsulları istehsal etmək, bitki sortlarını qorumaq üçün camaatın müəyyən bir stimulu olar. Məncə, bu məsələyə diqqət yetirməklə biz həm də büdcəmizin vəziyyətinə bir qədər təsir eləmiş olarıq. Bu, Azərbaycan büdcəsinin neftdən asılılığını xeyli dərəcədə azaldar və qeyri-neft sektorunun inkişafına da ciddi stimul olar.
Mən hesab edirəm ki, Azərbaycanda istehsal olunan məhsulların kənardan ərazimizə gətirilməsini məhdudlaşdırmaq ölkəmizdə becərilən mədəni bitkilərin qorunması üçün çox vacib şərtlərdən biridir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A. Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Əvvəla, mən Eldar müəllimə və onun komissiya üzvü olan dostlarına təşəkkür edirəm ki, qısa bir vaxtda Milli Məclisə iki ciddi qanun layihəsi təqdim ediblər. Onlardan biri Kooperasiya haqqında qanun layihəsidir. Əgər Kooperasiya haqqında qanun işləyərsə, güclü bir şəkildə tətbiq olunarsa, burada bəzi yoldaşlarımın qaldırdığı məsələlərin çoxu həll olunmuş olar. Yəni biz özümüzü istehsal elədiyimiz ərzaq məhsulları ilə təmin edərik və xaricdən belə məhsullar idxal etməyimizə ehtiyac olmaz. Vaxtilə 2 milyon ton üzüm, 1 milyon ton pambıq istehsal eləyən bir ölkə idik, heç neftdən də asılılığımız yox idi, insanlar elə bu məhsulların istehsalı ilə dolana bilirdi. Bunun üçün birinci qanun qəbul olunarsa, təbii ki, ikinci qanun da yaxşı işləyə bilər.
Çox ciddi bir qanun layihəsi hazırlayıblar. Dostlarımızın bu qanun layihəsi ilə bağlı toxunduğu bəzi məsələlərin həlli isə, mənə elə gəlir ki, Eldar müəllimin komissiyasının işi deyil. Burada vicdan məsələsi də var. Eldar müəllimin komissiyası isə Milli Məclisdə vicdan məsələsinə baxa bilmir. Yəni kimlərsə ölkəyə geni dəyişdirilmiş toxumlar gətirir, kimlərsə onları əkirsə, bu, artıq başqa təşkilatlar tərəfindən qarşısı alınmalı olan bir məsələdir. Komissiya o işə qarışa bilmir. Bu mənada deyirəm ki, ciddi bir qanun layihəsidir, birinci oxunuşdur, yəqin ki, bir az da təkmilləşəcək. Bunu səsə qoymaq lazımdır. Bu qədər uzatmağa ehtiyac yoxdur. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Nə təklifiniz olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda Eldar müəllimə söz verək. Buyurun, Eldar müəllim.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm ki, çox maraqla bu qanuna diqqət göstərib fikirlərini dedilər. Hörmətli həmkarlarımın əksəriyyəti geni modifikasiya olunmuş məhsullardan danışdı.
Əlbəttə, bu, yalnız Azərbaycanda yox, dünyada böyük bir problemdir. Biz bu yaxınlarda Almaniyada olduq. Hətta onlar da dedilər ki, biz buna qarşı mübarizə aparmaq istəyirik, amma apara bilmirik.
Təsəvvür edin, 1997-ci ildə biz “Toxumçuluq haqqında” Qanun qəbul etmişik və onun 27-ci maddəsində konkret olaraq göstərmişik ki, geni modifikasiya olunmuş bitkilərin toxumlarının idxalı qadağandır. Amma bu qadağanın tətbiqi üçün onun İnzibati Məcəllədə və ya Cinayət Məcəlləsində əks etdirilməsi lazımdır. Biz qanun qəbul edirik və çox sərt qadağalar qoyuruq. Bəzən bizim sərt yazdığımız fikirləri geri qaytarırlar ki, bir az yumşaldın. Belə deyək də, qanunların beynəlxalq aləmə uyğun olması ilə, filanla əlaqədar.
Amma mən burada səslənən fikirlə tamamilə razıyam. Əgər bizdə “Qızıl əhmədi” alması varsa, Quba alması varsa, digər almalar nəyə lazımdır? Bu yaxınlarda televiziyada bioetika ilə əlaqədar tədbir keçirib, insanlardan müsahibələr götürmüşdülər. O insanlar özləri də başa düşürlər ki, bu gün bəzək-düzəkli alma, armud iki-üç ay çöldə qarın, yağışın altında qalıb xarab olmursa, demək, burada nəsə var. Alma qurdlayar, armud qurdlayar. Qurd o almanı yeyir ki, safdır. İnsanlar bunu artıq başa düşməli və belə məhsulları almaqdan çəkinməlidirlər.
İndi nə qədər səy göstərilsə də, bunların qarşısını almaq mümkün olmur. Belə məhsulların tingi də gəlir, toxumu da gəlir, onları özümüzdə də istehsal edirlər. Alverçinin nə vətəni var, nə də insanların sağlamlığını fikirləşir. O çalışır ki, necə olur-olsun satsın, satdığı lap zəhər olsa da, pul qazansın. Bəs biz, insanlar? Ona görə bununla əlaqədar, elə bilirəm ki, hamımız gərək iş aparaq, insanlara başa salaq, insanlar özləri bundan çəkinsinlər.
Azərbaycan bu gün, demək olar ki, bütün kənd təsərrüfatı məhsulları ilə özünü təmin eləyir. Gədəbəy kartofu, Quba alması, Naxçıvan şaftalısı ola-ola bu məhsulları başqa yerdən almaq nəyə lazımdır? Bu, problem məsələdir. Biz burada verilən təkliflərlə əlaqədar müddəaları ikinci oxunuşadək daha da sərtləşdirməyə çalışacağıq.
Məndə olan məlumata görə, Səhiyyə Nazirliyi də qida təhlükəsizliyi ilə əlaqədar belə bir qanun hazırlayır. Təsəvvür edin, hörmətli həmkarlar, hamımız gedirik, mağazalardan, supermarketlərdən ərzaq məhsulları alırıq. Bir adam süd və ya hansısa başqa bir ərzaq məhsulu alanda baxmır ki, bunun istifadə müddəti nə vaxt qurtarır. Özümüzdə də günah var. Gərək özümüz də bunlara nəzarət edək. Çalışaq ki, bizim ticarət müəssisələrimizdə vaxtı keçmiş, insan sağlamlığına zərər verən ərzaq məhsulları satılmasın. Təbii ki, bu işə nəzarət edən təşkilatlar var, onlar bu hallarla mübarizə aparırlar, amma mən düşünürəm ki, bununla hər birimiz mübarizə aparmalıyıq.
Mən verdikləri təkliflərə görə hörmətli həmkarlarımın hamısına minnətdarlığımı bildirirəm. Həmin təkliflər mütəxəssislərlə bir daha nəzərdən keçiriləcək. Biz ikinci oxunuşda onları qəbul edəcəyik.
Sədrlik edən. Sağ olun. Gülər xanım burada sual verdi, Eldar müəllim. O məsələ, doğrudan da, ciddi məsələdir. O suala alimlərimizdən kim cavab verəcək? Həqiqətənmi, bizdə ildə 2-3 dəfə meyvə verən bitkilər var? Buyurun. Əsəd Musayev.
Ə. Musayev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru.
Çox sağ olun. Bizim ölkədə ildə iki dəfə meyvə verən belə bitki əkilməyib. Amma bu gün biz belə təcrübələr aparırıq. İldə iki dəfə məhsul almaq olur. Deyək ki, buğda biçilir, onun yerinə qarğıdalı əkilir, 80-100 sentnerə, 10 tona qədər məhsul almaq olur. Bizim torpaqlar azdır, əhali artır, əhalini ərzaqla təmin etmək üçün bizdə belə bir proqram var. Bu suala belə cavab verirəm.
Qaldı ki, ümumiyyətlə, bu qanun çox vacibdir. XXI əsr genlərin mübadiləsi əsri adlanır. Bu proses bütün dünyada gedir və onun içərisində biz də varıq. Bir sıra ölkələrdə biotexnoloji mərkəzlər yaradılır, genlərin dəyişdirilməsi prosesi gedir.
Xüsusilə Amerika Birləşmiş Ştatları Afrika və Asiya ölkələrinə geni dəyişdirilmiş məhsullar verir. Onun bəzi elementləri də, çox təəssüf ki, gəlib bizə çıxır. Soya deyildi, bu, həqiqətə uyğundur. Amerikadan Qarabağa bəzən gəlir. Elə şeylər olur. Amma biz bunun qarşısını almalıyıq. Ölkəmizdə elmin inkişafına, toxumçuluğun inkişafına böyük şərait yaratmalıyıq ki, bizə kənardan toxumlar gəlməsin.
1997-ci ildə bizdə “Toxumçuluq haqqında” Qanun qəbul olunub. O qanunda bu müddəalar öz əksini tapıb. Amma təəssüf ki, bizdə geni dəyişmiş orqanizmi təyin edən laboratoriya yoxdur. Müxtəlif nazirliklərdə bəzi laboratoriyalar olsa da, bunlar birtərəflidir və o qədər də məqsədəuyğun deyildir. Ona görə də Azərbaycanda vahid dövlət nəzarəti institutu yaradılmalıdır. Xaricdən gələn və ölkə daxilində istehsal olunan məhsulların hamısı oradan keçməlidir. Qardaş Türkiyədə məhz belədir. Bizdə isə bu cür laboratoriya olmadığına görə gen dəyişikliklərinə uğramış məhsullara nəzarət sistemi çox zəifdir. Ona görə də hər cür hadisələr baş verə bilər.
Düzdür, 1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyində Cəlal müəllimin rəhbərliyi altında böyük komissiya, onun əsasında Genetik Ehtiyatlar İnstitutu və gen bankı yaranıb. İndi biz bu məsələləri həll etməyə çalışırıq. Bizdə çox yaxşı materiallar var. Onlar qorunub saxlanmalı və istifadə olunmalıdır.
Bu gün kim istəsə dünyanın istənilən yerindən ölkəyə cibində toxum gətirir. Çoxları son vaxtlar üzüm əkirlər. Çox təəssüf ki, bu zaman xaricdən gətirilmiş, rayonlaşdırılmamış sortlardan ibarət üzüm bağları salınır. Halbuki bizim gözəl üzüm sortları var. Əlbəttə, belə hallar təəssüf doğurur. Ona görə mən Eldar müəllimin o fikri ilə razıyam ki, bu layihədə inzibati məsələlər çox sərtləşdirilməlidir. Azərbaycanda mütləq laboratoriya qurulmalı, Biotexnoloji mərkəz, Histologiya İnstitutu yaranmalıdır.
Bəzi ölkələrdə bu dəqiqə başqasına xələl yetirmək üçün bioterrorizm deyilən hallar mövcuddur. Bunu da nəzərə almaq lazımdır ki, genləri dəyişdirilmiş bitkilərlə insanları pis vəziyyətə salmaq olar. Ona görə biz belə təhlükələrdən mümkün qədər sığortalanmalıyıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyurun, münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). Hadi müəllim, buyurun. Hörmətli deputatlar, bu qanun layihəsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard və digər şəxslər bu gün burada iştirak edirlər. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz. Buyurun, Hadi müəllim.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli deputat həmkarlarım! Suveren Azərbaycan Respublikası artıq 10 gündür ki, yenidən qazandığı müstəqilliyin 21-ci ilinə qədəm qoymuşdur. Ulu öndərimiz Heydər Əliyev dühasının müəllifi olduğu dövlət möhkəmlənir, qüdrəti artır, bir sosial siyasi sistemdən digər mütərəqqi quruluşa transformasiya proseslərini arxada qoyaraq zaman-zaman modern dövlət quruculuğunun sosial müdafiə sisteminin təkmilləşdirilməsi yolunda inamlı addımlar atır.
Bir neçə gün bundan öncə Azərbaycan hökumətinin 9 aylıq hesabatı dinlənildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin orada etdiyi çıxışda ölkəmizin sosial müdafiə sistemində görülən işlər statistik rəqəmlərlə çox tutarlı, əsaslı şəkildə bir daha göstərildi.
Sosial xidmətin yüzlərlə rəngarəng model, növ və formaları artıq əsrlərdir ki, bir sıra ölkələrdə həyata keçirilir, çətin həyat şəraitində olanların vəziyyəti yaxşılaşdırılır. Azərbaycanda xüsusilə son on ildə praktik baxımdan həm dövlət, həm beynəlxalq, həm də qeyri-hökumət qurumları tərəfindən bu sahədə xeyli işlər görülmüş, hüquqi baza möhkəmlənmiş, ünvanlılığa üstünlük verilmişdir. Təsadüfi deyil ki, ölkəmizin sosial müdafiə sistemində önəmli sahələrdən biri də məhz çətin həyat şəraitində yaşayan şəxslərə dövlət və cəmiyyət qayğısının artırılması və bu işin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Bu gün ikinci oxunuşda müzakirənizə təqdim edilən Sosial xidmət haqqında qanun layihəsi dövlətimizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinə istiqamətlənən və humanizm prinsiplərindən qaynaqlanan hüquqi sənəd kimi ortaya qoyulur. Qanun layihəsinin mahiyyəti müxtəlif növ sosial xidmətlərin onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və müvafiq olaraq göstərilməsindən ibarətdir.
Hörmətli deputat həmkarlarım, məsələnin gündəmə çıxmasının aktuallığını şərtləndirən və çətin həyat şəraitində yaşayan şəxslərin həssaslığının artdığını göstərən statistikaya müraciət etməklə bu sahədəki mövcud durumla bağlı sizdə müəyyən təsəvvür yaratmağa çalışacağam.
Azərbaycanda rəsmi statistikaya görə, bu gün 46 dövlət uşaq müəssisəsi mövcuddur ki, onlardan da 17-si sağlamlıq imkanları məhdud olan uşaqların yaşadığı internat evləridir. Hazırda bu uşaq müəssisələrində 9176 uşaq yaşayır ki, onlardan da 1459-u əlilliyə görə atılmışlardır. Bundan başqa, bu gün ölkədə rəsmi qeydiyyatdan keçmiş 403 nəfər küçə uşağı mövcuddur.
Sosial müdafiə sistemində başlıca istiqamətlərdən biri Azərbaycan əhalisinin statistik rəqəmlərə görə, 410 mini keçən əlil təbəqəsinin və sağlamlıq imkanları məhdud 55 min uşağın mümkün qədər yaxından cəmiyyətə inteqrasiyasıdır. Buna görə də əlillərə sosial güzəştlərlə yanaşı, müxtəlif növ xidmətlərin təminatı əsas şərtlərdən biri kimi çox aktualdır. Eyni zamanda, ölkəmizdə 400 minə yaxın ahılın rifah halının yaxşılaşdırılması da bu gün gündəmdə olan məsələlərdən biridir.
İctimaiyyətin bir sıra digər zümrələrini də sizə xatırlatmaq istəyirəm. Bunların hər biri ilə bağlı müvafiq qanunlar qəbul etmişik. O qanunlarımızda cəzaçəkmə müəssisələrindən azad olmuş, qadın zorakılığına, məişət zorakılığına məruz qalmış insanların sosial müdafiəsi öz əksini tapıb. Məsələn, biz çalışmışıq ki, ölümcül xəstə olan insanlara göstərilən qayğının ölkəmizdə ilk dəfə olaraq qanunla təsbit olunmasını gündəmə gətirək.
Modern dövlət quruculuğu sahəsində möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı ardıcıl siyasətdə insanların sosial rifahı və güzəranının daha da yaxşılaşdırılması həmişə olduğu kimi, yenə də öndə durur. Sosial siyasət komitəsi bu tələblərə cavab verə biləcək qanunların işlənib parlamentə təqdim edilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi ortaya qoymuşdur.
Bildiyiniz kimi, Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi mayın 17-də Milli Məclisin plenar iclasına birinci oxunuşda təqdim olundu və müzakirədən sonra qəbul edildi. Bu müzakirələrdə sizin səsləndirdiyiniz ciddi qeyd və təklifləri rəy almaq üçün əlaqədar nazirliklərə göndərmişdik. O nazirliklərin də rəyləri alındıqdan sonra həmin qeyd və təkliflər bu sənəddə öz əksini tapmışdır.
Qanun layihəsində nəzərinizə çatdırmaq istədiyim əsas cəhətlərdən biri bu xidmətin həm subyektlərinin, həm də obyektlərinin artması, ikinci cəhət isə bu xidmət növlərinə özəl qurumların, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin və digər yeni qurumların cəlb olunmasıdır. Bu, həm dövlətin maliyyə yükünün qismən azaldılmasına, həm də xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Mən bu gün bizim hörmətli maliyyə nazirimiz Samir müəllimlə danışdım. Samir müəllim bütövlükdə bu qanun layihəsini bəyənib. Söhbət əsnasında bir daha qeyd olundu ki, bu qanunun maliyyə yükü artarsa, onun sonradan rəqəmlərlə ortaya qoyulması vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fikir mübadiləmizdən isə aydın oldu ki, bu qanunun maliyyə yükü, demək olar ki, artmayacaq. Çünki burada özəl qurumların da iştirakı təmin olunacaq.
Hörmətli həmkarlarım, bu qanun layihəsində edilən dəyişikliklərin hamısı başqa şriftlə diqqətinizə çatdırılıb. Mən bunları səsləndirib vaxtınızı almaq istəmirəm. Amma birinci oxunuşda səslənən fikirlərin böyük əksəriyyəti layihədə öz əksini tapıb. Hesab edirəm ki, qanun layihəsi ilə bağlı verəcəyiniz yeni təkliflər, irad və qeydlər sənədin daha təkmil və işlək olmasına xidmət edəcəkdir.
Sonda Sizi qanun layihəsinə ikinci oxunuşda səs verməyə çağırıram. Hesab edirəm ki, bununla biz ölkəmizdə sosial müdafiəyə daha çox ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yaxından kömək etmiş olacağıq. Qabaqcadan sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim, əyləşin.
Hörmətli deputatlar, qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Ona görə biz qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Qanun layihəsi 6 fəsildən, 30 maddədən ibarətdir. Biz Daxili Nizamnaməyə görə qanun layihəsini fəsil-fəsil müzakirə etməliyik. Amma sizin icazənizlə onu bütövlükdə müzakirə edib səsverməni fəsil-fəsil də apara bilərik. Milli Məclisin buna ixtiyarı var. Əgər etiraz yoxdursa, layihəni bütövlükdə müzakirə edək, səsverməni ayrıca apararıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, demək, təklif qəbul olundu. Müzakirələrə başlayırıq. Elmira xanım Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sosial xidmət haqqında qanunun əhəmiyyətini daha dolğun nəzərə çatdırmaq məqsədi ilə bir sıra dünya dövlətlərinin təcrübəsini burada vurğulamaq istərdim. Belə ki, Rusiya və digər Avropa dövlətlərində bu məsələ ilə bağlı geniş tədqiqatlar, araşdırmalar aparılmış, hal-hazırda da aparılmaqdadır. Adı çəkilən ölkələrdə sosial iş, sosial işçi, sosial işçinin şəxsiyyəti, psixoloji vəziyyəti, onun peşəkarlığı və işgüzar hazırlığı ilə bağlı tələblər və bu kimi mühüm məsələlər uzun illərdir ki, geniş tətbiq olunmaqdadır.
Bu məsələ Avropa dövlətləri üçün o qədər aktuallıq kəsb edir ki, hətta sosial iş üzrə mütəxəssislər institutu da fəaliyyət göstərir. Rusiya Federasiyasında isə Dövlət Təhsil Komitəsi kollegiyasının 1990-cı il 13 iyul tarixli qərarı ilə sosial iş üzrə mütəxəssislər hazırlayan institutlar 1991-ci ildən səlahiyyətli institutlar siyahısına daxil edilmişdir. Qərbdə, xüsusilə də inkişaf etmiş Avropa ölkələrində hər bir ahıl, kimsəsiz, ağır xəstə olan insan tam əmin ola bilər ki, öz problemləri ilə təkbətək qalmayacaq. Çünki lazım gəldikdə ona dərhal sosial işçi təhkim olunacaq və bu insan bir çox məişət problemlərindən azad ediləcəkdir. Özü də sosial iş Qərbdə mühüm ictimai məna kəsb edərək bir növ vətəndaş cəmiyyətinin inkişafının göstəricisi, meyarı kimi çıxış edir. Çünki ahıl, xəstə və kimsəsiz insanlara qulluq ilə bağlı işlərə Avropa dövlətlərində çoxlu sayda könüllülər qatılırlar. Bu da vətəndaş cəmiyyətinin formalaşması, cəmiyyətdə humanizm və insanpərvərlik prinsiplərinin güclənməsi, xeyirxah dəyərlərin cəmiyyətdə kök salması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məncə, mühüm cəhət ondan ibarətdir ki, bu qanunun qəbul edilməsi ilə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət, hətta kommersiya təşkilatları da sosial xidmətlə məşğul olmaq imkanı qazanacaqlar. Bu işdə dövlətin yükü xeyli azalacaq. Sosial işçilərlə bağlı qanunvericiliyimizin formalaşdırılması sosial işçi institutunun inkişafına təkan verəcək. Sosial ədalət prinsiplərinin cəmiyyətdə kök salmasına səbəb olacaq, cəmiyyətdə sosial gərginliyi əhəmiyyətli dərəcədə aşağı salacaq və bütün bunlarla yanaşı, işsizlik problemini xeyli azaldacaqdır. Lakin bir təklif də vermək istərdim.
Bu qanun mahiyyət tutumludur. Mən istərdim ki, qanunun taleyi dalana dirənməsin. Bir misal gətirim. Mən 2007-ci ildə, yadınızdadırsa, penitensiar müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası barədə qanun layihəsini Milli Məclisə təqdim etmişdim və həmkarlarım ona yekdilliklə səs vermişdilər. Həmin qanun layihəsinin ən vacib maddələrindən birində bu qrup şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Penitensiar müəssisələrindən azad edilmiş şəxslər orada gecələmək, qidalanmaq, maddi, mənəvi və psixoloji yardım almaq imkanı əldə edəcəklər. Lakin həmin vaxtdan 4 il ötməsinə baxmayaraq, bu şəxslərin sosial reabilitasiyası məqsədi ilə Bakıda bir sığınacaq tikilməsi hələ də planlaşdırılır. Yeri gəlmişkən, bu misal Milli Məclisdə qəbul edilən sosial yönümlü qanunların necə ləng icra olunmasından xəbər verir.
Bu gün mühüm məsələ də ondan ibarətdir ki, sosial xidmət ordusu yaradılmalıdır. Bizdə belə insanlar vardır, lakin onları barmaqla saymaq olar. Deyilənlərə görə bizdə cəmi 3–4 min sosial işçi var. Bu çox az bir rəqəmdir. Müqayisə üçün mən Rusiyanın rəqəmlərini gətirim. İki gün qabaq orada sosial işçi forumu keçirilmişdir və bu forumda Moskva meri Sergey Sobyanin çıxış edərək bildirmişdir ki, Moskvada işləyən sosial işçilərin maaşı 20 faiz qaldırılacaq. Bununla da onların maaşı 1500 dollar olacaqdır. Bir rəqəm də deyim. Təkcə Moskva şəhərində 50 min sosial işçi 3,4 milyon insana qulluq edir.
Bizdə də sosial işçi institutu yaradılmalı və dövlət tərəfindən bu prosesə ən yüksək səviyyədə nəzarət edilməlidir. Sosial işçi qrupları, sosial xidmət ilə bağlı işləri müvafiq nazirliyin hər hansı şöbəsinə tapşırsaq, bu qanun kağız üzərində qalacaq. Bu işə, fikrimcə, ayrıca qurum, dövlət strukturu nəzarət etməlidir. Bu gün bizə təqdim edilən qanun layihəsi dövlət büdcəsinə baxılması ərəfəsində müzakirəyə çıxarılır. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edək ki, bu qanunun icrası üçün vəsaitin ayrılmasını...
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Əziz həmkarlarım, hesab edirəm ki, Sosial xidmət haqqında qanun layihəsi artıq ikinci oxunuşa daha mükəmməl bir şəkildə təqdim olunubdur. Bu qanunun qəbulu, hesab edirəm ki, gələcəkdə sosial xidmətlə bağlı yeni bir mərhələnin başlanğıcını qoya bilər. Eyni zamanda, mən işçi qrupuna da, komitəyə də təşəkkür edirəm ki, birinci oxunuşda səsləndirilən əhəmiyyətli və əsaslandırılmış fikirləri də nəzərə alıblar. Artıq bu qanun layihəsi qəbul oluna bilər. Bununla yanaşı, etiraz etmirsinizsə, bir neçə təklifi də səsləndirmək istərdim.
1.0.4-cü maddəyə bir fikir də əlavə oluna bilər. Fikrimcə, “mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər” sözlərindən sonra “digər təsisatlar” sözləri əlavə olunmalıdır. Ona görə ki, digər təsisat da hüquqi şəxs olmaya bilər. Bu təsisatlar ayrı-ayrı qeyri-hökumət təşkilatları və bələdiyyələr tərəfindən yaradıla bilər. Sosial xidmətin böyük əksəriyyəti məhz bu cür təsisatlar tərəfindən həyata keçirilir. Ona görə də bu təsisatların qeyd edilməsi maraqlı və əhəmiyyətli olardı.
5-ci maddədə müəyyən edilmiş dövlət siyasətinin əsas prinsiplərinə 5.0.6-cı bənd də əlavə oluna bilər. Bu bəndə sosial xidmətlərin göstərilməsində ictimai iştirakçının təmin olunması da əlavə edilə bilər. Sosial xidmətin mahiyyətində ictimai iştirak durur. Düşünürəm ki, bu, işin daha geniş şəkildə həyata keçirilməsinə müsbət töhfə verə bilər.
17-ci maddə ilə bağlı da təklifim var. Bu maddənin 17.1-ci bəndinin sonuna aşağıdakı redaksiyada əlavə olunmasını təklif edirəm. Bu əlavədə göstərilsin ki, belə müəssisələr müvafiq dövlət orqanları, bələdiyyələr və ixtisaslaşdırılmış qeyri-hökumət təşkilatları tərəfindən də yaradıla bilər. Çünki 17-ci maddədə sosial xidmət müəssisələrinin yaradılması ilə bağlı müəyyən müddəalar nəzərdə tutulub. Amma məsələ tam əhatə olunmayıb. Hesab edirəm ki, qanunun fəlsəfəsində vətəndaş cəmiyyəti institutlarına geniş yer verilir. Bu əlavə də ümumi müddəanı tamamlaya bilər.
Amma məni bu gün daha çox düşündürən məsələlərdən biri qanunun sonrakı taleyi, icra mexanizmi ilə bağlıdır. Ona görə də düşünürəm ki, bu qanunun uğurlu olması və gələcəkdə icraya yönəldilən zaman daha çevik işləməsi üçün bəzi məsələlər öncədən müəyyən olunmalıdır. Xüsusilə sosial xidmətlərin satınalma mexanizmi müəyyənləşdirilməlidir. Bu xidmətlər hansı mexanizm ilə həyata keçiriləcək və nə qədər şəffaf və rəqabətli olacaqdır? Təklif edirəm ki, bunun üçün Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sosial xidmətlərin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi haqqında qaydalar müəyyənləşdirilsin. Yaxud “Dövlət satınalmaları haqqında” Qanuna müvafiq dəyişikliklər edilsin və həmin qanuna əsasən bu satınalma xidməti ilə bağlı mexanizm öz həllini tapsın.
Daha sonra düşünürəm ki, gələcəkdə bu sahədə lisenziya tələb edən xidmət növləri yaradıla bilər. Xüsusilə tibbi sosial xidmətlərlə bağlı düşünürəm ki, lisenziyalaşma məsələsinə də qayıda bilərik. Burada qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən imkanlar yaradıla bilər. Nəzərə alsaq ki, hazırda sosial xidmətin əsas icraçıları könüllülərdir və bu könüllülərin fəaliyyətlərinin lisenziyalaşdırılmasının daha asanlaşdırılması və ixtisaslaşdırılması ilə bağlı müəyyən müddəalar burada öz əksini tapa bilər.
Nəhayət, sonuncu qeyd etmək istədiyim məsələ daha az imkanı olan, maliyyə baxımdan aztəminatlı vətəndaşlara müəyyən vergi güzəştlərinin edilməsi ilə bağlıdır. Məsələn, təkliflərdən biri bu ola bilər ki, sosial xidmətləri həyata keçirən qeyri-hökumət təşkilatlarına sadələşdirilmiş vergi rejimi tətbiq olunsun. Yaxud onlardan bəziləri əlavə dəyər vergisindən ya azad edilsinlər və ya az miqdarda vergiyə cəlb olunsunlar. Onu da demək istəyirəm ki, bununla bağlı beynəlxalq təcrübədə kifayət qədər faktlar var. Düşünürəm ki, bu qanun, doğrudan da, çox əhəmiyyətli bir qanun olacaqdır. Bu qanun layihəsinə mən də səs verirəm. Düşünürəm ki, gələcəkdə bunun icrasının təmin edilməsi üçün müvafiq addımlar atılacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinin başlıca istiqamətlərini və prinsiplərini əhatə edən bu gün müzakirə etməkdə olduğumuz qanun layihəsi çox humanist bir layihədir. Birmənalı olaraq xüsusi bir əhəmiyyət daşıyır. Ölkə Prezidentinin apardığı sosial yönümlü dövlət siyasətinin, onun bu sahəyə böyük diqqətinin davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyətini və birbaşa onun rəhbəri, çox hörmətli Mehriban xanımın bu sahədə atdığı böyük addımları, onun rəhbərliyi ilə həyata keçirilən nəhəng layihələri və köməyə ehtiyacı olan təbəqəyə bir analıq qayğısını xüsusi vurğulamaq lazımdır.
Cəmiyyətin ürək yarası olan müəyyən bir təbəqəsi var ki, onların problemlərinin həlli və ehtiyaclarının qarşılanması, əlbəttə, ümumilikdə cəmiyyətin inkişafına xidmət edir. Kimlərdir onlar? Kimsəsiz və atılmış qocalar, müəyyən yaşayış yeri olmayan, artıq leksikonumuza daxil olan, “bomj” adlandırdığımız təbəqə. Zorakılığa məruz qalanlar, bədəni ticarət müstəvisinə çıxarılanlar, sağalmaz xəstəliyə düçar olanlar və valideynsiz, himayəsiz uşaqlar. Ən acınacaqlısı isə səfil uşaqların olmasıdır. Bəli, bütün bunlar ağrılı mövzulardır və sözümün əvvəlində də dediyim kimi, bu qəbildən vətəndaşların düşdükləri vəziyyəti asanlaşdırmaq üçün dövlət əlindən gələni edir.
Bu gün ikinci oxunuşda müzakirə etdiyimiz qanun layihəsi də həmin sahədə mövcud boşluqları, demək olar ki, tam əhatə edir. Ən başlıcası dövlət – vətəndaş münasibətlərini tənzimləmək baxımından əhəmiyyətlidir. Burada birmənalı olaraq demək istəyirəm ki, layihəyə səs verəcəyəm. Eyni zamanda, qanun layihəsi ilə bağlı bəzi qeydlərimi və suallarımı səsləndirmək istəyirəm.
Bir az əvvəl xalq arasında “küçə uşaqları” adını almış, əslində, valideyni, himayəçisi olmayan səfil uşaqlar haqqında söz dedik. Onların sayını azaltmaq və ya sıfıra endirmək üçün istər dövlətin, istər ictimai təşkilatların və istərsə də fiziki şəxslərin yardımları alqışlanmalıdır. Lakin bu sahəyə diqqətin artırılması çox vacibdir. Çünki bu gün küçədə dilənən, yalvaran uşaqlar sabah yalvaran və dilənən deyil, itirdikləri uşaqlıqlarının qısasını almağa çalışan, aqressivləşən cinayətkar qrupa çevriləcəklər. Qanun layihəsində bu məsələyə xüsusi yer verilməsi və bunun həlli yollarının müəyyən edilməsi, düşünürəm ki, daha yaxşı olardı.
Mən, eyni zamanda, komitəyə bəzi suallarımı yönəltmək istəyirəm. 4-cü maddədə “sosial xidmətin zəmanət verilmiş həcmdən az olmaması” sözləri işlədilir. Zəmanət verilmiş həcm nə qədərdir? Bunu kim müəyyənləşdirir? Yaxşı olardı ki, layihədə bu məsələ tam açıqlanaydı. 22-ci maddənin 22.2.1-ci bəndində qeyd edilir: “qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi”. Bunları kim və necə, hansı üsulla müəyyənləşdirir? Buna da bir açıqlıq gətirilməsi, düşünürəm ki, yaxşı olardı.
Mən qanun layihəsinin dili haqqında danışarkən demək istəyirəm ki, qanun olduqca səlis və rəvan bir dildə yazılıb və qrammatik baxımından həddindən artıq səliqəlidir. Hətta deyərdim ki, irad tutmağa heç bir yer qalmayıb. Lakin hər zaman toxunduğumuz bir məsələyə toxunmaq istəyirəm. Şəxsən mənim üçün qanunların dilində terminologiya çox vacibdir. Amma düşünürəm ki, əgər dilimizdə diskriminasiya, siqmatizasiya, tolerantlıq sözlərinin qarşılığı varsa, mümkün olduqca, bu sözləri işlətsək daha xoş olar.
Sonda, qanun layihəsində Qızıl Aypara Cəmiyyətinin strukturlarının sosial xidmət sisteminin tərkib hissəsi kimi qeyd edilməsi çox təqdirəlayiqdir. Çünki həmin qurum artıq bu sahədə püxtələşib və müəyyən təcrübəyə malikdir və onun sosial xidmətə cəlb edilməsi ümumi işin xeyrinə olacaq.
Sözümün əvvəlində dediyim kimi, humanist bir qanun layihəsidir və buna birmənalı səs verəcəyəm. Düşünürəm ki, bu qanun Azərbaycanda “sosial dövlət” anlayışının tətbiqi nöqteyi-nəzərindən nümunə ola biləcək bir mahiyyət daşıyır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, həqiqətən də, təqdim olunan qanun layihəsi ölkədə aparılan sosial siyasətin tərkib hissələrindən biridir və çox ali məqsədlərə xidmət edir. Birinci oxunuşdan sonra qanun layihəsinin üzərində xeyli iş aparılıb, təkmilləşdirilib. Lakin elə bilirəm, həmkarlarım da burada dedilər, fikirlərimiz, söylədiyimiz təkliflər bu qanun layihəsinin daha təkmil olmasına imkan verər.
Sosial xidmət çox geniş anlayışdır və çox mühüm sahələri əhatə edir. İnsanların bütün təbəqələrini əhatə edəcək bu qanun həyat şəraiti, yaşayış tərzi çətin olan insanlara xidmətə yönəldilib. Buna görə də qanun layihəsinin adında bir dəyişiklik edilsə yaxşı olar. Burada söhbət çətin həyat şəraiti olan insanlardan gedirsə, biz qanunu, yaxşı olar ki, “Çətin həyat şəraiti olan insanlara sosial xidmət” adlandıraq. Çünki “sosial xidmət” anlayışı bu mənanı bir o qədər özündə əks etdirmir. Digər tərəfdən, burada bir neçə yerdə “çətin həyat şəraitində olan”, “çətin həyat hesab edilən” kimi sözlər işlədilir. Elə bilirəm ki, bunlar qanunun adında işlənsə, daha yaxşı olar.
Qanunun 3-cü maddəsində yazılır: “Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur”. Əlbəttə, sosial xidmətə ehtiyac duyan vətəndaş çox ola bilər. Əgər burada söhbət çətin şəraitdə yaşayan insanlardan gedirsə, elə bilirəm, bu maddədə “Həyat şəraiti çətin olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur” yazılsa, daha düzgün olardı.
Çox yaxşı haldır ki, qanun layihəsində dövlətin vəzifələri müəyyən olunub. Lakin bilirik ki, bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi vəzifələri həyata keçirən, bilavasitə imkansızlara, çətin şəraiti olan insanlara xidmət edən bir orqan kimi özlərini göstəriblər. Elə bələdiyyələr var ki, bu gün onlar onlarla əlilə, kimsəsizə, imkansıza xidmət göstərir. Çətin həyat şəraitində yaşayanlara sosial xidmət ancaq dövlətin vəzifəsi deyil, həm də hər bir vətəndaşın, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin vəzifəsidir. Ona görə də mən hörmətli Hadi müəllimdən xahiş edərdim ki, bu məsələlərə baxsın. Çünki layihənin ancaq 25.5-ci maddəsində bələdiyyələrin adı çəkilir. Sosial xidmət haqqında ödənişlərlə əlaqədar bələdiyyələrin adı hallandırılır. Bu qanun layihəsində bələdiyyələrin, eləcə də qeyri-hökumət təşkilatlarının vəzifələri aydın göstərilməlidir. Mən qanun layihəsini müsbət, çox əhəmiyyətli bir sənəd hesab edirəm və həmkarlarımı bunun qəbul olunmasına səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Fərəc Quliyev.
F. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bu qanun layihəsi ilə yaxından tanış oldum. Hesab edirəm ki, Azərbaycanda artıq əziyyət, çətinlik çəkən bir sektora dövlət səviyyəsində ciddi şəkildə sahib çıxmaq üçün ciddi bir təməldir. Bu davranış Azərbaycanın sosial dövlət kimi ayaq üstündə durması və dünyada öz yerini bir daha təsdiq etməsi üçün mühümdür. Amma mənim bir təklifim var.
Dünyanın hər yerində olan azərbaycanlıları biz öz vətəndaşımız hesab edirik. Cənab Prezidentin Dünya azərbaycanlılarının qurultayında dediyi “Azərbaycan 50 milyonluq azərbaycanlıların Vətənidir” fikri də, hesab edirəm ki, millətə sahib çıxmaq üçün ciddi siyasi iradədir. Bu baxımdan düşünürəm ki, 3-cü maddəyə belə bir əlavə edilməsi yaxşı olar: “Bu Qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan türklərinə istisnasız şamil olunur”. Çünki Güney Azərbaycandan buraya gəlmiş insanların, demək olar ki, hamısı çox ağır vəziyyətdədir və onlara sahib çıxmaq bizim borcumuzdur. Onlar Vətənin övladlarıdırlar və həmişə də buraya sığınacaq üçün gəlməyiblər, çox da böyük sayları yoxdur. Onlar ermənilərlə mübarizədə, müharibədə bizimlə çiyin-çiyinə vuruşublar. Cənab Prezidentin qoyduğu siyasi iradəyə uyğun olaraq qarşılıqlı himayə mexanizmi kimi bu maddəyə belə bir əlavə etsək normal olar.
3-cü maddəyə belə bir əlavə etmək üçün 2-ci və 5-ci maddələrin müddəaları da imkan yaradır. Məsələn, 2-ci maddədə deyilir: “Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ aktlardan ibarətdir”. Həmin müqavilələrdə, konvensiyalarda onsuz da bir ölkəyə müraciət edən insanlara hər hansı bir formada sahib çıxmaq üçün şərtlər var. Mən onları sadalamıram. Bu da bir tərəfdən bizə dəstəkdir, köməkdir ki, bunu təsbit edək.
5-ci maddədə isə sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi insan hüquq və azadlıqlarına riayət olunması, humanizm, məxfilik, ədalətlilik və əlçatanlıq kimi prinsiplər göstərilir. Həmin prinsiplər göstərilən siyasi iradəni də nəzərə almaqla “bu Qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan türklərinə istisnasız şamil olunur” müddəasını əlavə etməyə imkan verir. Milli doktrinamızda dünyanın hər yerində yaşayan azərbaycanlılarla Azərbaycan dövləti arasında bir qarşılıqlı himayə mexanizmi artıq nəzərdə tutulubdur. Mən bayaq da qeyd etdim ki, Azərbaycan Prezidenti özünü 50 milyonluq Azərbaycan türklərinin Prezidenti kimi təqdim edir və 50 milyon Azərbaycan türkü də onu bu cür qəbul edir. Azərbaycan vətən olaraq 50 milyon insana aiddirsə, biz müəyyən səbəblərdən Azərbaycana gəlmiş insanlarımıza sahib çıxmaq məsələsinə təsir edərik.
Bu gün əgər belə bir əlavə edilərsə, məhz qarşılıqlı himayə strategiyasının ciddi təməllərindən biri olar. Güney Azərbaycandan buraya mühacirət etmiş insanlar özləri ayaqüstə durana qədər onlar üçün kiçik bir şərait yaratmaq olar. Minimum həyat şəraitini təmin etmək üçün də bu qanun layihəsində müəyyən bəndlər var. Sadəcə, bunları tətbiq etmək üçün imkan yaradılmalıdır ki, həmin insanlar çox çətin vəziyyətdə küçələrdə qalmasınlar. Onlar bizim vətəndaşlarımızdırlar və mütəmadi olaraq Azərbaycana sahib çıxmağa çalışırlarsa, Vətən də onlara sahib çıxmalıdır.
Dünyanın inkişaf etmiş ölkələrində də belə yanaşmalar vardır. Məsələn, Avropa ölkələrində sığınacaq almış, mühacirət etmiş insanlar üçün xüsusi düşərgələr yaradılır, onlara xüsusi sosial xidmətlər təşkil olunur və sair. Biz öz soydaşlarımıza bu yanaşmanı sevə-sevə niyə tətbiq etməyək? Burada nə var ki? Mən hesab edirəm ki, heç olmasa, bu insanlara müəyyən sığınacaqlar, kiçik qrup evləri təşkil etmək çox yerinə düşərdi. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu təklifə müsbət cavab versinlər, dəstək olsunlar. Mən rəhbərlikdən də xahiş edirəm ki, bunu nəzərə alsın. Təşəkkür edirəm.
Sədrlik edən. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Ziyafət müəllim, mən öz növbəmi Novruzəli müəllimlə dəyişmişəm. Ona görə xahiş edirəm, mənim növbəmi Novruzəli müəllimə verəsiniz.
Sədrlik edən. Novruzəli Aslanov, buyurun. Mən çox üzr istəyirəm, Valeh müəllim söz istəyirdi, yadımdan çıxdı. Çox üzr istəyirəm. Ondan sonra sözü Sizə verəcəyəm. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Üzr istəyirəm. Çalışacağam, çox qısa çıxış edim. Birinci, 23-cü maddə “Sosial xidmətin növləri” adlanır. Əvvəldə oxuyuruq: “Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür”. Bu cümlədən sonra gözləyirik ki, həmin xidmətlərin növləri sadalanacaqdır. Ancaq bunun əvəzinə nə yazırıq? “Sosial məişət xidmətləri – ailələrin məişət, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş xidmətlər, dəstək və yardımlara yönəlmişdir”. Əgər növləri sadalayırıqsa, onda “yönəlmişdir” sözü artıqdır. Əgər “yönəlmişdir” sözü qalmalıdırsa, onda “sosial xidmətlər aşağıdakı növlərə bölünür” yox, “sosial xidmət növlərinin istiqamətləri” yazılmalıdır. Fikrimcə, burada sosial xidmətin istiqamətləri nəzərdə tutulur. Bu sözlər çıxarılmalıdır.
İkinci məsələ sosial xidmət haqqının ödənilməsi ilə bağlıdır. Qohumlarından və qanuni nümayəndələrindən ayrı yaşayan və sosial məsləhət yardımına, ya da xidmətinə ehtiyacı olan şəxsdən söhbət gedirsə, onun qohumları – oğlu, qızı, qardaşı, bacısı, atası, anası varsa, niyə onlar sosial xidmət haqqının ödənilməsində qanuni olaraq iştirak etməsinlər? Birinci növbədə, yəqin ki, onlar iştirak etməlidirlər. Misallar gətirmək istəmirəm. Televiziyada gördüyüm bir hadisəni deyirəm. 6 uşağı olan bir adamı hansısa evə aparıb atıblar. 25–30 nəfərin içərisində qalır. Soruşurlar ki, uşağınız varmı? Deyir: hə, 6-sı var, maşallah, institut qurtarıblar, filankəsdir. Onlar niyə sosial xidmət haqqının ödənilməsində iştirak etməsinlər? Hətta məcburi iştirak etməlidirlər. Fikrimcə, bu, qeyd olunmalıdır, yazılmalıdır və bunun mexanizmi də olmalıdır.
Terminlərə gələndə mən bu məsələni qaldırmaq istəmirdim. Ancaq o gün “Psixiatriya yardımı haqqında” Qanunda dəyişikliklər müzakirə olunanda mən burada çıxış etmədim. Ekspertdən soruşdum ki, “psixi pozuntu”, “psixi xəstəlik”, “ruhi pozuntu”, “ruhi xəstəlik” yazsaq nə olar? Mənə cavab nə oldu? Valeh müəllim, bunlar köhnə dildədir. Deməli, biz təzə dildə, elə bir dildə danışacağıq ki, nənəmiz bizi başa düşməyəcək, biz də nəvəmizi başa düşməyəcəyik. Dədə-baba sözlərimiz varsa, biz bunlardan niyə istifadə etməyək? Mənim şübhəm var ki, kimsə nə vaxtsa nəyi isə köçürəndə Azərbaycan dilində bəzi sözləri, terminləri, anlayışları bilmədiyinə görə o dildən köçürüb. Ona görə də bu sözlər qanundan qanuna, məqalədən məqaləyə, kitabdan kitaba keçir. Bir gün də məlum olur ki, artıq dədə-baba sözlərimiz köhnə sözlərdir. Biz indi müasir dildə danışanda “psixi pozuntu” deməliyik. Gedək kəndlərimizə deyək ki, filankəsdə psixi pozuntu var? Yenə də deyirəm, terminlərə də diqqət yetirmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Novruzəli Aslanov.
N. Aslanov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli Rafael müəllim, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən də birinci oxunuşda qanun layihəsi haqqında bir neçə fikir söyləmək istəyirdim. Lakin mənə növbə çatmadığına görə qısaca fikirlərimi bildirmək istəyirəm. Burada qeyd olundu ki, Qızıl Aypara Cəmiyyəti uzun illərdir mərhəmət proqramı çərçivəsində böyük işlər görübdür və bu təbəqədən olan insanlara xidmət göstərmişdir. Təbii, o vaxtlar beynəlxalq donorlar, o cümlədən Qızıl Xaç və Aypara Federasiyası maliyyə yardımı etdiyinə görə bu proses mütəşəkkil surətdə, geniş və ətraflı həyata keçirilirdi.
Qanun layihəsinin də ortaya çıxmasının ən böyük səbəbi ondan ibarətdir ki, bu təbəqədən olan insanlar artıq qıraqda qalmaq təhlükəsi ilə üzləşirlər. Qanun layihəsinin mahiyyəti də bu təbəqədən olan insanlara yardımçı və köməkçi olmaqdır. Təkcə bir faktı qeyd etmək istəyirəm. Bakı şəhərində 7 minə yaxın xroniki xəstə, ahıl yaşında olan insan var ki, onlar hətta hərəkət edə bilmirlər. Biz onların yanında çox olmuşuq, onların xidmətində çox durmuşuq. Problem ondan ibarətdir ki, bir çoxlarının övladları, yaxınları, əzizləri ola-ola, onlara baxan və qayğı göstərən yoxdur.
Bu qanun layihəsinin ən böyük mahiyyəti ondan ibarətdir ki, burada qeyri-hökumət təşkilatlarına xüsusi yer ayrılıbdır. Mən hesab edirəm ki, bizim cəmiyyətdə qeyri-hökumət təşkilatlarının rolu çox məzmunludur və vacibdir.
İkinci oxunuşla bağlı bir neçə təklif vermək istərdim. 7-ci maddənin 7.0.4-cü bəndində deyilir: “xəstəlik və (və ya) əlillik nəticəsində, ahıllıqla əlaqədar özünə qulluq etmək qabiliyyətinin, habelə onlara qulluq və köməklik göstərə biləcək qohumlarının olmaması”. Mən hesab edirəm ki, bir o qədər də uğurlu seçilməyib, bir az çətindir. Bu mənim subyektiv mövqeyimdir. Təklif edərdim ki, belə yazılsın: “Xəstəlik və ya əlillik nəticəsində, ahıl yaşına çatması ilə əlaqədar özünə qulluq etmək qabiliyyətinin itirilməsi nəticəsində və habelə onlara qulluq və köməklik göstərə biləcək qohumların olmaması”. Bax, bu cür ifadə edilsə, daha yaxşı olardı.
Elə həmin fəsillə bağlı yeni bir əlavə var. 11-ci maddənin 11.2.1-ci bəndində “sosial yadırğama” və mötərizədə “dezadaptasiya” yazılıb. Mən çox lüğətə baxdım, çox fikirlər söylədim. Mən hesab etmirəm ki, “dezadaptasiya” və “sosial yadırğama” sözləri düzdür. Hesab edirəm ki, “yadırğama” sözü bioloji, fizioloji terminə daha çox bənzəyir. Yəqin ki, üçüncü oxunuşa qədər bu terminləri dəyişdirmək mümkün olacaqdır. Bir də, burada “uğursuz sosial mühit” sözləri vardır. Bilirsiniz, insan həyatında bir çox məsələlər ola bilər. İnsanın həyatı uğurlu da, uğursuz da ola bilər. Mənə elə gəlir ki, “əlverişsiz sosial mühit” yazmaq daha yaxşı olardı.
Bir də, 14-cü maddədə “ali təhsilli və müvafiq peşə hazırlığı olan şəxslər” yazılır. Təklif edirəm ki, bu xidmətə könüllülər mütləq cəlb olunsunlar. Nəyə görə? Çünki sabah bizim dövlətimizin müəyyən işləri ola bilər, daha böyük layihələrə, proseslərə qoşula bilərik. Nəhayət, demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq, maliyyə problemləri yarananda biz könüllülərdən istifadə edə bilərik. Bəli, bəzi peşəkar insanlar bu gün də öz fəaliyyətlərini pulsuz və təmənnasız həyata keçirirlər. Mənə elə gəlir ki, “könüllülər” sözü buraya əlavə edilsə, daha yaxşı və məqsədəuyğun olar.
Sonda demək istəyirəm ki, bu, tələb olunan bir qanundur. İnsanlar bu qanunu gözləyirlər. Mən inanıram ki, qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul olunacaq və cəmiyyətdə öz dəyərli yerini tutacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz Sosial xidmət haqqında qanun layihəsi çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərə həsr edildiyindən diqqəti daha çox cəlb edir. Məlumdur ki, hər bir dövlət öz vətəndaşlarının və ölkədə yaşayan digər insanların qayğısına qalmalıdır. Bu, bizim konstitusiya hüququmuzda da öz əksini tapmışdır.
Bütün bunlar nəzərə alınmaqla hər il dövlət büdcəsindən sosial məsələlərə ümumi büdcə xərclərinin üçdə biri qədər vəsait ayrılır. Biz haqlı olaraq hər dəfə respublika büdcəsini sosial yönümlü büdcə hesab edirik. Bu vəsaitin bir hissəsi sosial xidmətə ehtiyacı olan insanlara xərclənsə də, hazırda mövcud qanunvericiliyin çətin həyat şəraitində yaşayan, bütün kateqoriyalara aid şəxsləri tam əhatə etmədiyindən onların bir qismi çətinliklə üzləşməli olur.
Qanun ən çox qayğıya və mərhəmətə ehtiyacı olan şəxslərin hüquqlarının qorunması, bu sahədə yaranan münasibətlərin hüquqi tənzimlənməsini təmin etmək üçün hazırlandığından dəqiq işlək mexanizmi müəyyən edilməlidir. Bunun üçün layihədə konkret tədbirlər dəqiq yazılmalı, subyektiv mülahizələrə əsasən qərarları qəbul etmək, məmur özbaşınalığının, süründürməçiliyinin qarşısını almaq üçün konkret məsələlər qoyulmalıdır. Qanun layihəsində sosial xidmət sahəsində dövlət siyasətinin prinsipləri, dövlətin vəzifələri, sosial xidmətin formaları, növləri və sosial xidmətlə bağlı bir sıra məsələlər geniş əksini tapmışdır. Bu qanunun qəbul edilməsi sosial xidmətə ehtiyacı olan şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına imkan verəcəkdir. Bununla yanaşı, layihədə bir çox məsələlərə aydınlıq gətirilməsinə ehtiyac vardır.
Qanun layihəsinin 7-ci maddəsində şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları geniş və əhatəli verilsə də, bunun kimin tərəfindən müəyyən ediləcəyi göstərilməmişdir. Şəxsin sosial xidmətlə əhatə olunması üçün müraciət edənlər böyük problemlərlə qarşılaşacaqlar. Belə ki, müraciət üçün əvvəlcə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər toplanmalıdır. Bu sənədlər də layihənin 11.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən sosial işçiyə göndərilməlidir. Bu layihədə həmin məsələ öz həllini tapmalıdır. Bununla əlaqədar 10.3-cü maddə daha dəqiq və ünvanlı yazılmalıdır ki, müraciətin mexanizmi aydın göstərilsin və problemlər yaratmasın.
Bu baxımdan “Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi” adlanan 13-cü maddədə məsələnin həlli mexanizmi açılmalıdır. Buna görə də həmin maddə yenidən işlənməli, maddəyə bu şəxslərin yerləşdirilməsi prosesinin anlaşıqlı, çoxsaylı təşkilatların müraciətini aradan qaldıran, məsələlərin həllində neqativ halların qarşısını alan müddəalar əlavə olunmaqla konkret müddəalar öz əksini tapmalıdır. Yaxşı olar ki, çətin həyat şəraiti yaşayan şəxslərin sosial xidmətə olan tələblərinin qiymətləndirilməsi və müəyyən edilməsi yalnız sosial işçilər tərəfindən deyil, həm də həmin şəxsin yaşayış yeri üzrə bələdiyyənin iştirakı ilə bir yerdə həyata keçirilsin. Belə olarsa, büdcə vəsaitinin düzgün və təyinatı üzrə sərf edilməsi riskini azaltmaq və ayrılan pulların, həqiqətən də, çətin həyat şəraiti olan şəxslərə xərclənməsini təmin etmək olar.
Narahatlıq doğuran hallardan biri də sosial xidmət məsələləri ilə bağlıdır. Layihənin 17-ci maddəsində məsələ tam açılmır və konkret deyil. Bu maddədə çoxsaylı müxtəlif təyinatlı müəssisələr sadalanır. Onların bir çoxu hazırda mövcud deyil, bəzilərinə ehtiyac yoxdur. Buna görə də yaxşı olar ki, müəssisələr və ya onların xidmətləri, digərlərinin yaradılması və respublikanın hansı ərazisində, harada yerləşdirilməsi göstərilsin. Onların vəziyyətləri, fəaliyyət qaydalarının müəyyən olunması və başqa məsələlərin həlli icra strukturlarına həvalə edilsin.
Layihənin 12.4 və 13.3-cü maddələri bir-birini təkrar etdiyinə görə yaxşı olar ki, 12.4-cü maddə aşağıdakı redaksiyada verilsin: “Çətin həyat şəraitində yaşayan şəxslərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən zəmanət verilmiş həcmdə sosial xidmətlər göstərilsin”. Qanun layihəsindən “Normativ hüquqi aktlar haqqında” Qanunun 64.4-cü maddəsinə zidd olan “bir qayda olaraq”, “zərurət olduqda” sözləri çıxarılmalıdır. 8.0.11-ci maddədə “konfedensiallığının” sözü “məxfiliyi” sözü ilə əvəz edilsin.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Qalan təkliflərinizi, xahiş edirəm, yazılı surətdə Hadi müəllimə təqdim edəsiniz. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ötən dövr ərzində respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır.
Hesab edirəm ki, bu gün ikinci oxunuşda müzakirəmizə təqdim olunan Sosial xidmət haqqında qanun layihəsi də dövlətimizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi Azərbaycanda çətin həyat şəraitində yaşayan insanların müdafiəsinə istiqamətləndirilmiş bir hüquqi sənəddir. Hörmətli millət vəkilləri, sosial xidmət 100 ildən artıqdır ki, bir çox ölkələrdə aparılır. Ölkəmizdə də xüsusilə son 10 ildə praktik baxımdan həm dövlət, həm də beynəlxalq və qeyri-hökumət qurumları tərəfindən bu sahədə xeyli işlər görülmüşdür. Hazırda, demək olar ki, sosial xidmətin əsas sahələri yaradılıb və fəaliyyət göstərir. Sosial xidmət mütəxəssisləri bu sferanı lazımi nəzəri işləmələr və konkret texnoloji sxemlərlə təchiz etməyə hazırdırlar. Yüksək səviyyədə hazırlıqlı kadr potensialının formalaşması üçün artıq zəmin yaradılmışdır. Hesab edirəm ki, bu qanunun qəbul olunması yaradılmış zəmini bir az da sürətləndirəcək və həmin sahədə sosial xidmət institutunun yaradılmasına xidmət edəcək bir hüquqi sənəd olacaqdır.
Bu gün sosial xidmətin struktur elementləri, onun şəbəkəsi, müvafiq nazirliklər, komitələr, onların yerlərdə şöbələri və təşkilatları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar müxtəlif istiqamətlər üzrə əhəmiyyətli yardımlar göstərirlər. Bu layihənin qeyri-dövlət, vətəndaş münasibətləri müstəvisində sosial müdafiə prinsiplərinə uyğun şəkildə qurulması baxımından da çox əhəmiyyətli və vacib bir sənəd olduğunu xüsusilə qeyd etmək istəyirəm.
Hörmətli millət vəkilləri, ötən dövr ərzində birinci müzakirəmizdən sonra və ikinci oxunuşa qədər qanun layihəsi çox mükəmməl şəkildə işlənib hazırlanmışdır. Hörmətli Hadi müəllim layihənin əhəmiyyətini və aparılan dəyişiklikləri qeyd etdi. Hörmətli deputat həmkarlarımız humanizm prinsiplərinə söykənən bu qanun layihəsinin əhəmiyyəti haqqında fikirlərini bildirdilər. Mən də ötən dövr ərzində qanun layihəsində edilən dəyişiklikləri və bu qanunun daha da mükəmməl olmasını özündə ehtiva edən bir çox fikirlərimi sizinlə bölüşmək və nəzərinizə çatdırmaq istəyirəm. Qanun layihəsinin 2-ci fəsli “Çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmətin göstərilməsinin təşkili” adlanır. Bu fəslin “Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları və vəzifələri” adlanan maddəsi tutumluluq baxımından çox yükləndiyinə görə iki yeni maddəyə bölünmüşdür. Belə ki, müvafiq olaraq “Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları” adlanan 8-ci maddə və “Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri” adlanan 9-cu maddə kimi təsbit olunmaqla yeni redaksiyada verilmişdir.
“Sosial xidmətin göstərilməsi üçün müraciət edilməsi” adlanan 10-cu maddəyə əhəmiyyətli sayıla bilən 10.3-cü maddə əlavə edilmişdir. Belə ki, bu maddəyə əsasən çətin həyat şəraitində yaşayan və sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və həmin şəxslərə sosial xidmət göstərilməsi üçün məlumatların toplanıb müvafiq icra hakimiyyəti orqanlarına göndərilməsi həm dövlət hakimiyyəti orqanlarına, həm də bələdiyyələrə həvalə edilmişdir. Həmin maddənin əhəmiyyəti bundadır ki, məhz çətin həyat şəraitində olan vətəndaşların diqqətdən kənarda qalma ehtimalını sıfıra endirir. Bu da əhəmiyyətli dəyişikliklərdən biridir. Burada belə dəyişikliklər çoxdur.
Mən dəyişikliklərdən birini də qeyd etmək istəyirəm. “Sosial xidmət göstərən subyektlər” adlanan 3-cü fəsillə bağlı prinsipial bir fikir ayrılığı olmasa da, burada 14, 15 və 16-cı maddələrə dəyişikliklər edilmişdir. Məsələn, “Sosial xidmət sistemi adlanan” 16-cı maddədə qeyd olunur: “sosial xidmət sistemi sosial xidmət sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanından, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən, sosial xidmət göstərilməsi sahəsində peşəkar fəaliyyətlə məşğul olan sosial işçilərdən və sosial xidmətçilərdən, eləcə də öz vəsaitləri və ya cəlb edilmiş vəsaitlər hesabına sosial xidmət göstərən qeyri-hökumət təşkilatlarından ibarətdir”. Respublika Qızıl Aypara Cəmiyyətinin strukturları da bu sistemin tərkib hissəsi kimi xüsusi qeyd edilmişdir. Qanun layihəsinə belə əhəmiyyətli dəyişiklik edilmişdir. Hesab edirəm ki, millət vəkillərimiz müzakirə etmədən də bu qanun layihəsini qəbul etmək olar.
Sədrlik edən. Kamilə Əliyeva.
K. Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən vaxtınızı çox almayacağam. Konkret bir maddə haqqında fikrimi, münasibətimi bildirmək istəyirəm. 3-cü maddədə qanunun əhatə dairəsi ilə əlaqədar bildirilir: “Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur”. Qanunun vətəndaşlığı olmayan şəxslərə şamil olunması, məncə, məqsədəmüvafiq deyil.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü iqtisadi islahatlar nəticəsində respublikamız sürətlə inkişaf edir. Bunun da nəticəsində xarici investorlar Azərbaycanın qeyri-neft sahələrinə sərmayələr qoyurlar. Yerli iş adamları da yeni istehsal müəssisələri yaradırlar. Bu da sirr deyil ki, belə bir inkişafın nəticəsində xaricdən, xüsusilə də qeyd olunduğu kimi, Çindən və Pakistandan respublikamıza güclü işçi qüvvəsi axını var. İş adamları hər hansı bir layihəni başa çatdırdıqdan və yaxud onun həcmi azaldıqdan sonra xaricdən gələn işçi qüvvəsinə ehtiyac olmur və nəticədə həmin insanların yaşayış səviyyəsi tam aşağı düşür. Deməli, onların sosial vəziyyətinin normallaşdırılmasını Azərbaycan Respublikası öz üzərinə götürmüş olur. Yaxşı olmazmı ki, onların əvəzinə ölkəmizin vətəndaşlarına sosial xidmətlərin daha da yaxşılaşdırılmasına çalışaq? Ümumiyyətlə, bu qanun layihəsini mən də çox əhəmiyyətli və vacib sayıram. Mən də bu layihənin qəbul olunmasına səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hacı Salayev.
H. Salayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, müzakirə etdiyimiz qanun layihəsi çox vacib bir sənəddir və mən bu layihəyə səs verəcəyəm. Mən bir neçə məsələyə toxunmaq istərdim. Qısaca olaraq bir neçə maddə üzrə fikirlərimi bildirəcəyəm. Mən dünən Sumqayıt şəhərində 47-ci məhəllədə seçicilərlə görüş keçirdim. Həmin məhəllədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir neçə bina tikilib və burada əmək qabiliyyətini itirənlər və əlillər yaşayırlar. Onlarla görüş oldu və onların fikirlərini burada çatdırmaq istərdim. Mənim dairəmdə paraolimpiada idman kompleksi tikilib. Burada əlillər və əmək qabiliyyətini qismən itirmiş şəxslər idmanla məşğul olur və gözəl nəticələr göstərirlər. Bu günlərdə İngiltərədə bir qrup paraolimpia idmançıları müxtəlif idman növləri üzrə yarışlarda iştirak edəcəklər. Buradan da mən onlara uğurlar diləmək istərdim.
Seçicilər tərəfindən qaldırılmış bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Hər birimiz bilirik ki, 1994-cü ildə Bakı şəhərində Ermənistan xüsusi orqanları tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirilmiş çoxsaylı terror və təxribat aksiyaları içərisində Bakı metropolitenindəki partlayış da olub. 1994-cü il ərzində 19 mart və 3 iyul tarixlərində toplamda 27 nəfər insanımız həlak olub, 100-dən yuxarı adam yaralanıb və onların çoxu bu gün əlildir. Bəzi vətəndaşlar tərəfindən müraciətlərdə deyilir ki, göstərilən hallar çərçivəsində terror aktlarının qurbanı olmuş, habelə terror aktları zamanı vəfat etmiş şəxslərin ailə üzvlərinin qanunvericilikdə hər hansı ayrıca hüquqi statusu müəyyən edilməyib. Belə ki, xəsarət almış, əmək qabiliyyətini itirmiş və əlil olmuş şəxslər tibbi müayinədən keçirlər və onlara ümumi qaydada əlillik dərəcəsi verilir. Onların işlə təmin olunmaları, pensiya təminatı, müavinətlər və sosial mənşəli məsələlər tənzimlənmir. Metropolitendəki partlayış nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirmiş şəxslər hüquqi yanaşma baxımından heç bir qaydada fərqlənməyiblər.
Mən dünən məhəllədə görüş keçirdim. Burada iştirak edən insanlardan biri 40 yaşlı cavan oğlandır, Dillər Universitetini bitirib, ingilis və alman dillərində danışır. O, ailəlidir, 2 uşağı var və hal-hazırda özünün də qeyd etdiyi kimi, 35 manat təqaüd alır. Mən çox istərdim ki, terrora məruz qalanlara və terror qurbanlarına hüquqi statusun verilməsi barədə ya qanun layihəsinə əlavə edək, ya da əlavə bir qanun qəbul edək. Onu da qeyd etmək istərdim ki, bunlarla əlillər tərəfindən qaldırılmış məsələlər məhdudlaşmır. Daxil olan müraciətlərdə mübahisə yaranmasına səbəb olmuş hüquqi aktların mənşəyinə görə müvafiq təqaüdlərin və ödənilən müavinətlərin ayrılmasına, həmçinin əlillərin, müharibə veteranlarının mənzil hüququ münasibətlərindən irəli gələn məsələlərin tənzimlənməsi böyük yer alır.
Bundan başqa, hörmətli Hadi müəllim çıxışında qeyd etdi, maliyyə nazirimizlə danışığında o deyib ki, lazım olsa, büdcədən əlavə vəsait ayrıla bilər və əmək qabiliyyətini itirmiş əlillərə dəstək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İlqar müəllim burada iştirak edir. Respublikamızın regionlarında idman və sağlamlıq kompleksləri, tibb mərkəzləri tikirik və xalqımıza xidmət edirik. Regionlarda bu insanlar üçün iş yerləri açılsın, büdcədən vəsait ayrılsın və böyük şəhərlərdə onların fərdi iş yerləri olsun. Tarixə qayıtsaq, görərik ki, sovet dönəmində əlillərin öz təşkilatları var idi, bu gün də var. Həmin təşkilatların böyük müəssisələri var idi ki, burada yüzlərlə insan çalışırdı. Xahiş edirəm, bunları da nəzərə alasınız. Qeydlərim bundan ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sevinc Fətəliyeva.
S. Fətəliyeva. Hörmətli deputatlar, son illər Azərbaycanda ənənəvi sosial institutların, ailə və məktəblərin nüfuzunun aşağı düşməsi açıq müşahidə olunur. Məsələ uşaqların keçmişdəkindən fərqli olmaları mənası daşımır. Bu, müəllim peşəsinin nüfuzdan düşməsi, müəllim kadrlarının peşəkar səviyyəsinin aşağı olması ilə, ümumiyyətlə, məktəbin cəmiyyətdə rolunun zəifləməsi ilə bağlıdır. Ailənin uşaqlara təsiri indiki zamanda daha zəifdir, nəinki 20–30 il bundan öncə. Bu isə valideynlərin məşğulluğu ilə, onların maddi və karyera problemlərinin həll edilməsinə cəlb olunduqları ilə bilavasitə bağlıdır.
Bu şəraitdə uşaqlara və yeniyetmələrə ciddi psixoloji yardım lazımdır. Bunun üçün məktəblərdə psixoloq ştat vahidinin yaradılması, həmçinin ölkə üzrə xüsusi psixoloji reabilitasiya mərkəzlərinin açılması vacibdir. Bunların hamısı qanun layihəsində öz əksini tapır. Amma sosial xidmətlərə müasir köməkliyi auditoriyaya ən yaxın sistem kimi qəbul olunan sosial reklam edə bilər. Sosial reklam cəmiyyətin gələcək üzvləri üçün əsas rol modeli kimi çıxış edir. Bir çox ölkələrdə bu növ reklam dövlət informasiya siyasətinin ən vacib alətlərindən biridir. Hesab edirəm ki, müasir dövrdə Azərbaycanda sosial reklamlara çox böyük ehtiyac var. Sosial reklam zərərli adətlərə qarşı mübarizəyə, əhalinin diqqətinin əhəmiyyətli dövlət layihələrinin mövcudluğuna yönəldilməsi, uşaqlara və qadınlara, ümumiyyətlə, hər növ zorakılığa qarşı xüsusi xidmətlər haqqında məlumat çatdırır. Sosial xidmətin bir növü kimi sosial reklamın nəzərə alınması, həmçinin sosial xidmətlərin psixoloji aspektlərinə daha çox diqqət yetirilməsi məqsədəuyğun olardı. Ümumiyyətlə, ölkəmiz, cəmiyyətimiz üçün çox vacib və əhəmiyyətli qanun layihəsidir. Mən hamını bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli Milli Məclis üzvləri! Müzakirəyə təqdim olunan bu qanun layihəsi cəmiyyətdə, ümumiyyətlə, insan amilinə diqqətin artırılması, dövlətin öz vətəndaşları qarşısında vəzifələrini daha layiqincə icra etməsi, Konstitusiyaya referendumla edilən dəyişiklikdə göstərildiyi kimi, dövlətin öz vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin olunması, ən nəhayət, dövlətin siyasətində insan amilinin çox böyük önəm kəsb etməsi, prioritet təşkil etməsi baxımından gərəkli bir qanun layihəsidir. Birinci oxunuşdan sonra, doğrudan da, layihədə çox böyük hüquqi cilalama, səliqə-sahman işləri aparılıb. Hörmətli Hadi müəllimin təqdimat məruzəsindən də bu göründü. Doğrudan da, bu layihədə Rusiya Federasiyasının analoji qanunu ilə müqayisədə deyərdim ki, bəzi məqamlar daha demokratikdir. Məsələn, layihənin “Əsas anlayışlar” hissəsi, habelə sosial xidmətin həyata keçirilməsi qaydaları ilə bağlı yazılan hissələr, hesab edirəm ki, daha mükəmməldir. Bu layihəni, sözsüz ki, dəstəkləyirəm, qəbuluna mən də səs verəcəyəm.
Yalnız 15-ci maddə ilə bağlı kiçik bir təklifim var. Burada söhbət sosial işçinin hüquq və vəzifələrindən gedir. Mən belə bir təklif verərdim ki, sosial işçi öz xidməti vəzifəsini icra edərkən məişət zorakılığı hallarına rast gəldiyi vaxt bunu qanunla müəyyən olunmuş qaydada bəyan etməlidir. Burada söhbət ondan gedir ki, sosial xidmət göstərən işçi, sözsüz ki, ailəyə gedir, ahıl, yaxud fiziki imkanları məhdud olan bir insana sosial xidmət göstərir. Bu hallarda məişət zorakılığı, ailədaxili zorakılıqla rastlaşa bilər.
Sözsüz ki, onun susması düzgün olmazdı. 15-ci maddədə sosial işçinin vəzifələri sırasında “sosial işçinin məişət zorakılığı hallarına rast gəldiyi vaxt həmin halı qanunla müəyyən olunmuş qaydada bəyan etməsi” sözlərini yazsaq, daha düzgün olardı. Bütövlükdə mən razıyam ki, bu layihənin qəbulu zəruridir.
Sədrlik edən. Hörmətli deputatlar, hamınıza təşəkkür edirəm. Müzakirələrdə çox fəal iştirak etdiniz. Hadi müəllim, çox yaxşı fikirlər səsləndi, güman edirəm ki, bunları ikinci oxunuşdan sonra nəzərə alacaqsınız. Mənim də bəzi fikirlərim vardı, artıq onların bəziləri deyildi. Hadi müəllim, 30.2-ci maddə ilə bağlı redaktə xarakterli qeydim var. Qanunvericilik texnikası baxımından bunu, xahiş edirəm, düzəldəsiniz. Bizim bütün qanunlarda belə gedir. Burada yazılır: “Bu Qanun qüvvəyə mindiyi gündən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ləğv edilir”. Amma “qüvvədən düşür” olmalıdır, çünki bizim bütün qanunvericilik aktlarında belə gedir.
Hörmətli deputatlar, əgər etiraz etmirsinizsə, qanun layihəsini ikinci oxunuşda fəsil-fəsil səsə qoymalıyıq. 1-ci fəslə, 1–6-cı maddələrə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.50 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
2-ci fəslə, 7–13-cü maddələrə, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
3-cü fəslə, 14–17-ci maddələrə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
4-cü fəslə, 18–23-cü maddələrə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
5-ci fəslə, 24–26-cı maddələrə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 14.53 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
6-cı fəslə, 27–30-cu maddələrə, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
İkinci oxunuşun tələblərinə görə biz qanun layihəsinə bütövlükdə səs verməliyik. Xahiş edirəm, bütövlükdə qanun layihəsinə ikinci oxunuşda münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.54 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ
Cavanşir Feyziyev. Hörmətli Sədr, hörmətli həmkarlarım, müzakirəyə çıxarılan Sosial xidmət haqqında qanun layihəsi cəmiyyətin həyatında çox vacib yer tutan bir sahəyə, çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinə həsr olunmuşdur. Qanun layihəsinin əsas mahiyyəti sosial xidmət sahəsinin inkişafı üçün etibarlı hüquqi zəmin yaratmaq, bu sahədə beynəlxalq təcrübədən səmərəli istifadə etməklə mövcud fəaliyyət növünü daha da inkişaf etdirmək, çətin həyat şəraitində yaşayan şəxslərin hüquqlarını müdafiə etmək, onların sosial və digər təminatlarını daha dolğun şəkildə tənzimləməkdən ibarətdir.
Statistikaya görə Azərbaycanda 410 min əlil və sağlamlıq imkanları məhdud olan vətəndaş, bir o qədər də, yəni 400 mindən də çox ahıl insan yaşayır. Bunların bir qismi tənhadır və özlərini idarə etmək imkanları yoxdur və ya məhduddur. Bu gün uşaq müəssisələrində 9 mindən artıq uşaq yaşayır. Eyni zamanda, ölkədə yaşayan əlil uşaqların sayı 1500-ə çatır. Cəzaçəkmə müəssisələrindən azad edilən adamların da bəzilərinin ailələri, evləri, yaşayış yerləri yoxdur və azadlığa çıxan kimi dərhal normal həyat tərzini bərpa etmək asan iş deyil. Sadalanan insanların hamısının sosial xidmətə ehtiyacı vardır və bu qanun layihəsində həmin kateqoriyalara aid insanların sosial müdafiəsi öz əksini tapmışdır.
Bu qanun layihəsi Azərbaycanda həyata keçirilən sosial islahatların hüquqi təminatının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihədə sosial xidmət mərkəzlərinin yaradılması, maddi-texniki təchizat məsələləri və sair nəzərdə tutulur ki, bununla da sosial xidmət üzrə dövlətin üzərinə çox böyük məsuliyyətlər qoyulur.
Qanun layihəsinin ən önəmli məziyyətlərindən biri 16-cı maddədə dövlət, özəl, bələdiyyə strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da qeyd olunmasıdır. Bütün dünyada sosial xidmət sahəsində qeyri-dövlət strukturları dövlət strukturlarından daha səmərəli işləyir. Almaniya, Fransa, İsveçrə, Macarıstan və Avropanın bir sıra digər ölkələrində artıq sosial xidmətlə dövlət qurumları yox, qeyri-hökumət təşkilatları məşğul olurlar. Ona görə də bu qanunun tətbiqi ilə bağlı hazırlanacaq normativ sənədlərdə beynəlxalq praktikada olduğu kimi, qeyri-dövlət qurumlarının fəaliyyətinə daha geniş yer verilərsə, gələcəkdə sosial xidmət sahəsində dövlətin üzərinə götürdüyü məsuliyyətin tədricən qeyri-dövlət qurumlarının üzərinə keçməsi üçün etibarlı zəmin yaranmış olacaq.
Bu qəbildən qanunlar nə qədər mükəmməl olsa da, onların əsas problemi real həyatda nə dərəcədə səmərəli işləməsi ilə bağlıdır. Bu baxımdan layihədə öz əksini mükəmməl şəkildə tapmış bəzi maddələrin tətbiqi ilə bağlı normativ sənədlərdə aydın və konkret şərhlərə və dəqiqləşdirmələrə ehtiyac olacaqdır.
Məsələn, layihənin “Sosial xidmət haqqının ödənilməsi” adlanan 25-ci maddəsində öz əksini tapan pulsuz, pullu, qismən pullu xidmətlərin kimlərə və hansı standartlar əsasında şamil ediləcəyi tam aydınlaşmır. Bu məsələlərə kifayət qədər aydınlıq gətirilməzsə, normativ hüquqi aktlardan sui-istifadə halları yarana və nəticədə ünvanlı sosial yardımların tətbiqi zamanı ortaya çıxmış mənfi halların təkrar olunmasına gətirib çıxara bilər.
Qanun layihəsinin digər çox vacib bir maddəsində – “Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət” adlanan 29-cu maddəsində göstərilir ki, “sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və əsassız olaraq sosial xidmətə götürülməsi və ya sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsi” məsuliyyətə səbəb olur. Sosial xidmətə götürməkdən əsassız imtina birbaşa insan taleyinə təsir göstərən hal olduğundan bu məsələyə dair müvafiq qanunvericilik aktlarında məsuliyyət tədbirləri konkretləşdirilməli və kifayət qədər kəsərli məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır.
Eləcə də 14-cü maddədə göstərilən sosial xidməti həyata keçirməli olan sosial subyektlər qismində Qərb ölkələrinin təcrübəsinə uyğun olaraq əsas kontingent kimi tibb, psixologiya, pedaqogika sahələrində təhsil alan tələbələrin də cəlb edilməsinin bu qanunun tətbiqi ilə bağlı hazırlanacaq digər normativ sənədlərdə yer alması qanunun keyfiyyətli tətbiqi baxımından çox faydalı olardı.
Bütövlükdə qanun layihəsi inkişaf etmiş ölkələrdə “sosial dövlət” anlayışının bilavasitə özəyini təşkil edən ən vacib məqamları özündə əks etdirir və ölkə rəhbərliyinin apardığı sosial yönümlü dövlət siyasətinin çox zəruri bir tərkib hissəsidir. Əminəm ki, belə bir qanunun tətbiqi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yardım edən yeni humanist meyillərin güclənməsinə təkan verəcəkdir. Ona görə də belə bir qanunun Azərbaycanda qəbul edilməsi çox vacib addımdır. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram.