23.11.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 26

 

Milli Məclisin iclas salonu.

23 noyabr 2011-ci il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.01 dəq.)

İştirak edir  90

Yetərsay  83

 

İclasa dəvət olunmuşlar:

 

Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.

Fizuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Əbülfəz Qarayev, Azərbaycan Respublikasının mədəniy­yət və turizm naziri.

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.

Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.

Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.

Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.

Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər  naziri.

 

Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.

Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.

Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

 

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.

Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

 

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

 

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

 

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi in­ki­şaf nazirinin müavini.

Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.

Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.

İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.

Rafiq Cəlilov, Azərbaycan Respublikasının Əmlak mə­sə­lə­ləri Dövlət Komitəsi sədrinin müavini.

Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Vidadi Zeynalov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haq­qında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon­dunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qa­nu­nunun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

 

Aşağıdakı məsələ müzakirə edilmişdir:

 

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Elman Rüstəmov, Fazil Mustafa, İqbal Ağazadə, Əhməd Vəliyev, Hikmət Atayev, Xanhüseyn Kazımlı, Əli Hüseynli, Abel Məhərrəmov, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Tahir Süleymanov, Siyavuş Novruzov, Etibar Hüseynov, Vahid Əhmədov, Eldar İbrahimov, Bahar Muradova, Aqiyə Naxçıvanlı, Yevda Abramov, Əhliman Əmiraslanov, İsmayıl Hacıyev, Musa Quliyev, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Sabir Rüstəmxanlı, Elmira Axundova, Gülçöhrə Məmmədova, Gülər Əhmədova, Astan Şahverdiyev, Hadi Rəcəbli, Aydın Mirzəzadə, Leyla Abdullayeva, Eldar Quliyev, Sevinc Hüseynova, Sevinc Fətəliyeva, Səttar Möhbalıyev, Fəttah Heydərov, Rüfət Quliyev, İlyas İsmayılov, Musa Qasımlı, Çingiz Qənizadə

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

 

23  noyabr  2011-ci  il.  Saat  12.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Xoş gördük hamınızı. Hörmətli millət və­kil­ləri, xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat  (saat 12.01 dəq.)

İştirak edir  90

Yetərsay  83

 

Yetərsay var. İclasa başlaya bilərik. Müzakirələrə başla­maz­dan qabaq mən istəyirəm, bir daha Mərkəzi Bankın İda­rə Heyətinin sədri Elman Rüstəmova söz verək.

E. Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İda­­rə Heyətinin sədri.

Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli höku­mət üzvləri! Növbəti ilin büdcəsinin müzakirəsi Azərbaycan Respublikası müstəqilliyinin 20 illiyinin bayram edilməsi kimi gözəl bir tarixə təsadüf edir. Əgər birlikdə keçdiyimiz bu 20 ilə dönüb baxsaq, görərik ki, tarixi baxımdan çox qısa bir zaman kəsiyində vətənimizdə hansı miqyasda işlər gö­rülüb, necə böyük bir inkişaf yolu keçilib və bu 20 il ərzində Azərbaycan haradan haraya gəlib çıxıbdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qo­yul­muş çox dərindən düşünülmüş və çox uzağa hesablanmış milli inkişaf strategiyası müasir çağırışlara, imperativlərə cavab olaraq möhtərəm Prezident İlham Əliyev tərəfindən yaradıcı surətdə inkişaf etdirilərək uğurla həyata keçirilir. Azərbaycanda bu gün keyfiyyətcə yeni bir iqtisadi situasiya ortaya çıxıbdır. Son böhran təlatümlərindən ölkə iqtisadiyya­tının necə çıxdığı nəzərə alınarsa, Azərbaycan iqtisadiyyatı­nın inkişaf səviyyəsi, onun dayanıqlığı haqqında çox aydın təsəvvür yarana bilər. Bu gün Azərbaycan regionda real gü­cə malik olan, Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü­nü özündə cəmləşdirən bir ölkədir. Bu dövr ərzində Azərbaycan Respublikası yoxsulluq səviyyəsini beş dəfə azaltmış, öz əhalisinə yüksək həyat səviyyəsi təmin edə bilmiş bir ölkə kimi tanınmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə üç dəfə artmışdır ki, bunun da tarixi analoqu yoxdur.

Qeyd eləmək lazımdır ki, 2012-ci ilin büdcəsi çox mürək­kəb bir xarici fonda formalaşdırılıbdır. Bizim hamımız mət­buatı izləyirik, dünya iqtisadiyyatında gedən proseslər hamı­ya yaxşı məlumdur. Bəzi ekspertlər deyirlər ki, artıq dünya qlobal böhranının ikinci mərhələsi başlanıbdır, bəzi ekspert­lər deyirlər, heç bu böhran qurtarmamışdır, sadəcə olaraq, bir fazasından başqa bir fazasına keçmişdir.

Hər bir halda böhran reallıqdır və dünyanın bütün aparıcı iqtisadi güc mərkəzlərini, başlıca olaraq Avropa zonasını, avro zonasını əhatə edibdir. Avro zonasının bu gün toplam xarici və daxili dövlət borcu 12 trilyon Amerika Birləşmiş Ştatları dolları səviyyəsindədir. Bu, fantastik bir rəqəmdir. Problemlə əhatə olunmuş beş dövlətin, – bu dövlətlərə cənub periferiyası da deyirlər, – toplam borcu 4 trilyondur. Bu, artıq çox ciddi bir problem olaraq ortaya çıxıb və öz həllini tələb edir. Böhran dövründə 200 milyondan çox adam iş ye­rini itirmişdir.

Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı Avropa iqti­sadiyyatı ilə çox əlaqəli olduğu üçün burada bərpa prosesləri ləng gedir. Çox yüksək səviyyədə – doqquz faiz səviyyəsin­də işsizlik var və iqtisadi artımın bərpasına baxmayaraq, işsizlik problemi az həll olunur.

Asiyada iqtisadi inkişaf yuxarıdır, lakin burada uzun müd­dətdir, davamlı inkişafdan artıq iqtisadiyyatın hərarət­lən­məsi, bank sistemində, maliyyə sistemində əhəmiyyətli prob­lemlərin yaranması nəzərə çarpır. Burada əksər ölkələ­rin iqtisadiyyatı ixrac yönlü iqtisadiyyatdır və avrozonada, Amerika Birləşmiş Ştatlarında olan problemlər burada da resessiyaya gətirib çıxara bilər. Çünki qlobal tələbat aşağı düşür. İxrac potensialının azalması bunların da iqtisadiy­yatına hökmən təsir edəcəkdir. Bütövlükdə Beynəlxalq Val­yuta Fondunun proqnozlarına görə, dünyada resessiya ehti­malı olduqca böyükdür. Bunu nəzərə alaraq fond həm cari il, həm də gələn il üçün iqtisadi artım proqnozlarını aşağı salmışdır.

Bu qlobal fon Azərbaycan üçün hansı təhlükələr, risklər yaradır? Təbii ki, bu haqda danışmaq lazımdır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı kifayət qədər beynəlxalq iqti­sadiyyata inteqrasiya olunubdur. Bu gün Azərbaycan iqtisa­diyyatı dünya iqtisadiyyatının mühüm bir tərkib hissəsidir və təbii ki, qlobal tələbatın aşağı düşməsi bizim üçün çox əhə­miyyətli olan məsələdə – neftin qiymətində azalmaya gətirib çıxara bilər.

Digər tərəfdən, beynəlxalq maliyyə bazarlarında olan situa­siya, valyutaların məzənnələrindəki vəziyyət və borc probleminin həllində yaydan bəri müşahidə olunan əsəbilik bizim maliyyə orqanlarında da müəyyən gərginlik yaradır. Bizim 40 milyard dollardan yuxarı əhəmiyyətli valyuta ehtiyatlarımız bu bazarlarda yerləşdirilibdir və orada idarə olunur. Təbii ki, faiz dərəcələrinin aşağı olması bizim bura­dan aldığımız gəlirlərin azalmasına gətirib çıxarır. Bu da Azərbaycan iqtisadiyyatı üçün müəyyən dərəcədə risk kimi qiymətləndirilir.

Digər tərəfdən, biz bir sıra dövlətlərdən əhəmiyyətli pul baratları alırıq. Düzdür, onlar həcmcə çox böyük olmasa da, əhalinin müəyyən təbəqələri üçün əhəmiyyətlidir, xüsusilə də bizim regionlarda. Qonşu ölkələrdə iqtisadiyyatda gerilə­mə, resessiya bu pul baratlarının da aşağı düşməsinə gətirib çıxara bilər. Bunlar başlıca risklərdir.

Lakin açıq demək lazımdır ki, belə bir qlobal fonda Azər­baycan iqtisadiyyatı kifayət qədər inamlı və dayanıqlı görü­nür. Böhran illərində, yəni 2009–2011-ci illərdə ölkəmizdə orta iqtisadi artım 5 faiz olmuşdur. Bu, kifayət qədər yüksək iqtisadi artımdır, yəni Azərbaycan iqtisadiyyatı hətta böhra­nın ən kəskin illərində belə iqtisadi artım nümayiş etdirir.

Cari ildə qeyri-neft sektorunda artım 9 faizə çatır. Proqnozlara görə isə həmin göstərici 8,6 faiz idi. Bu yüksək nəticə onu göstərir ki, ölkəmizdə iqtisadiyyatın şaxələnməsi, diversifikasiyası prosesi gedir. Valyuta ehtiyatlarımız artıq 42 milyard dollara yaxınlaşır. Bu il tədiyyə balansının profisiti 14 milyard dollar həcmində olacaq. O bizim daxili məhsulumuzun təxminən 67 faizinə çatır.

Biz başqa ölkələrdə borc problemi haqqında danışdıq. Bor­cun həcmi, məsələn, Yaponiyada 200 faizdir, Amerika Birləşmiş Ştatlarında 100 faizdir, Avropanın ayrı-ayrı ölkə­lə­rində 120–150 faizə çatır. Azərbaycanda isə o, birrəqəm­lidir, 8 faiz həcmindədir. Bu gün bu, beynəlxalq kontekstdə əsas dayanıqlıq göstəricisidir. Bunları nəzərə alsaq, biz Azər­baycan iqtisadiyyatı üçün ortamüddətli dövrdə hər han­sı bir əhəmiyyətli makroiqtisadi risk görmürük. Azərbaycan iqtisadiyyatı həm qlobal, həm də lokal şoklara qarşı kifayət qədər dayanıqlıdır.

Lakin bu o demək deyil ki, biz rahatlaşmalıyıq, sakit, ar­xa­yın yaşamalıyıq və bu qlobal çağırışlar bizim üçün deyil. Birmənalı olaraq demək lazımdır ki, bu qlobal çağırışlar bizim üçün də var. Azərbaycan iqtisadiyyatı uzunmüddətli dövrdə iqtisadi dayanıqlığını qoruyub saxlamaq və iqtisadi inkişafa doğru inamla irəliləmək istəyirsə, hökmən bu çağı­rışlara cavab verməlidir. Beynəlxalq iqtisadiyyatın qarşısın­da duran fiskal konsolidasiya problemləri, yeni yaranmaqda olan güc mərkəzləri ilə köhnə iqtisadi güc mərkəzləri ara­sında yenidən tarazlaşma problemləri Azərbaycan üçün də var. Amma hansı formada?

Mən bu suala cavab vermək üçün ilk növbədə 9 ayın ye­kunlarına həsr olunmuş toplantıda cənab Prezidentin irəli sür­düyü yeni iqtisadi strategiya və yeni kurs üzərinə qayıt­maq istəyirəm. Yəqin ki, bir çoxunuz o sənədlə tanışsınız. Burada cənab Prezident yaxın on ildə ölkə qarşısında duran başlıca vəzifələri açıqladı. Bu çox aydın, ambisiyalı və çox realistik bir plandır.

Bu toplantıda cənab Prezident nə dedi? Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə böyüməlidir. Bu gün bizdə adambaşına düşən ümumi məhsulun həcmi 6 min Amerika Birləşmiş Ştatları dollarıdır. Lakin bu, yerli qiymətlərdədir. Manatın alıcılıq qabiliyyətində bu, təxminən 9-10 min dollardır və yaxın on ildə iqtisadiyyatımız iki dəfə böyü­mə­lidir. Bu o deməkdir ki, bunun həcmi 12 min dollara və ya paritet qiymətlərdə 20 min Amerika Birləşmiş Ştatları dolla­rına gəlib çatmalıdır. Bu, müstəsna olaraq qeyri-neft sekto­ru­nun hesabına baş verməli, başqa sözlərlə desək, bütöv­lük­də iqtisadiyyatın əhəmiyyətli diversifikasiyası həyata keçiril­məlidir.

Bu çox ambisiyalı və eyni zamanda, çox real bir vəzifə­dir. Bizim hesablamalarımıza görə, bunun üçün 10 il ərzində Azərbaycan iqtisadiyyatı davamlı olaraq hər il ikirəqəmli artıma nail olmalıdır. Çünki biz bilirik ki, neft istehsalı sabitləşir və cənab Prezident dedi ki, bu bizi qane edir, bizim uzunmüddətli planlarımıza uyğundur, biz istəmirik, neft ha­si­latını sürətləndirək. Belə olan şəraitdə bu, tam şəkildə qey­ri-neft sektorunun 10-12 faiz artımı hesabına baş verməlidir.

Cənab Prezident burada bu iqtisadi məqsədə gedən yolları da açıqladı. Bunlar nədir? Təbii ki, bu strategiya çoxdan və müvəffəqiyyətlə həyata keçirilir. Bu çox yüksək keyfiyyətli istehsal və sosial infrastrukturun yaradılması, daxildə insti­tut­ların inkişafı, kiçik və orta biznesin inkişafıdır. Biz bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun 50–60 faizini kiçik və orta biznes verir. Deməli, bu sahələrin inki­şafı vasitəsilə həmin məqsədə çatmaq lazımdır. Beynəlxalq təşkilatlarla, çox yüksək nüfuzlu beynəlxalq ekspertlərlə aparılan işlər, birgə tədqiqatlar onu göstərir ki, bu məqsədlər realistikdir.

Mən bir neçə məsələyə də toxunmaq istəyirəm. Bunlar cənab Prezidentin müxtəlif qərar və çıxışlarında öz əksini tapıb. Belə həcmdə artıma nail olmaq üçün Azərbaycanda çox yüksək investisiya aktivliyi olmalı və çox işlər xarici investisiyalar hesabına həyata keçirilməlidir. Ölkəyə bu miq­yasda xarici investisiyalar cəlb eləmək üçün bizə çox savadlı işçi qüvvəsi lazımdır. Buna yumşaq kapital, insan kapitalı deyirlər. Yeni təhsil strategiyasının yaradılması və təhsil sis­te­minin modernizasiyası barədə cənab Prezidentin bu yaxın­larda qəbul etdiyi sərəncam da məhz bu cür işçi qüvvəsinin, insan kapitalının yaradılmasını bir məqsəd kimi qarşıya qoyur.

Mən institutlar haqqında dedim. Qısa olaraq demək istəyi­rəm ki, bütövlükdə bugünkü iqtisadi inkişaf nəzəriyyəsi ins­titutlar üzərində qurulub. İnstitutların keyfiyyəti, yaxşı məh­kəmə sistemi, mülkiyyət hüququnun qorunması, aşağı trans­ak­siya xərcləri, şəffaflıq bu strategiyanın çox mühüm tərkib hissələridir. Mənim bu strategiyaya belə geniş toxunmağı­mın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublika­sının növbəti ilə dövlət büdcəsi bütövlükdə siyasi bir sənəd və bu strategiyanın reallaşması istiqamətində atılan bir ad­dım olduğuna görə, mən hesab edirəm ki, onu məhz bu möv­qelərdən qiymətləndirməliyik. Pul krediti siyasətini də, val­yuta siyasətini də, struktur siyasətini də, o cümlədən qeyd elədiyim vergi, büdcə siyasətini də məhz bu mövqelərdən qiymətləndirmək lazımdır.

Bütövlükdə əgər 2012-ci ilin büdcəsinin xarakteristika­sı­na gəlsək, mən hesab edirəm ki, büdcə kifayət qədər yüksək səviyyədə hazırlanıbdır. Onun xərclərinin artımı konser­va­tiv­dir. Çünki dediyimiz kimi, dayanıqlılıq problemi var. Bu gün Azərbaycanın konsolidasiya olunmuş büdcəsi 25 mil­yard dollar səviyyəsindədir. Bütövlükdə büdcə xərcləri Azər­baycanın milli məhsulunun artıq 37 faizinə gəlib çıxıb­dır. Bu, 20 illiyin səviyyəsidir. Bundan artıq bir səviyyə, hətta alimlər deyirlər ki, təhlükəlidir, çünki dövlət milli məhsulun nə qədər böyük bir hissəsini yenidən öz əlində cəmləşdirib bölərsə, bu, bir o qədər biznesin inkişafına təsir göstərə bilər. Biz hesab edirik ki, bu, optimal bir həddir.

Neftin qiyməti də konservativdir: 80 dollar. Beynəlxalq Val­yuta Fondunun gələn ilə qoyduğu proqnoz bundan 22 dol­lar yuxarı, 102 dollardır. Ona görə bu, konservativ və realdır.

Heç bir infrastruktur layihəsinin icrası dayandırılmır. Bey­nəlxalq fondan biz danışdıq. Bilirsiniz ki, bu gün çox döv­lətlərdə hətta sosial proqramlar da ixtisar olunur. Bizdə, əksinə, onlar inkişaf etdirilir. Bu infrastruktur layihələrini hök­mən başa çatdırmaq lazımdır. Sosial proqramlar reallaş­dırılır və davam etdirilir. Biz heç bir sosial proqramı dayandırmır və ya tempini aşağı salmırıq.

Büdcə kəsiri simvolik xarakter daşıyır. Dünən Heydər müəllim də bu məsələyə toxundu. Bu texniki xarakter daşı­yır. Mən öz təkliflərimdə bir daha büdcə kəsiri məsələsinə qayıdacağam. Lakin bütövlükdə hesab edirik ki, yaxın gələcəkdə büdcə siyasətində əhəmiyyətli dəyişikliklər etmək lazımdır. Bunun əsas səbəbi yeni strategiyadır, yeni strategi­yanın həyata keçirilməsidir.

Bununla əlaqədar bir sıra məsələlərə toxunmaq istəyirəm. Cənab Prezidentin irəli sürdüyü iqtisadi modeldə iqtisadiy­yatın ixrac yönlüyü olduqca aktual bir məsələ təşkil edir. Azərbaycanda əhalinin sayı, bildiyiniz kimi, 9 milyondan bir az çoxdur. Bu sayda əhali ilə ancaq daxili tələbat hesabına böyük bir iqtisadiyyat qurmaq, çox təəssüf ki, mümkün de­yil. Əgər biz son 20 ildə yüksək sürətlə inkişaf etmiş ölkə­lərə, xüsusilə də Asiya ölkələrinə baxsaq, görərik ki, onların hamısı istisnasız olaraq ixrac yönlü iqtisadiyyat hesabına belə inkişaf tempinə nail olmuşdur.

Belə olan təqdirdə vergi yükü məsələsi çox aktuallaşır. Yəni həmin bazarlara çıxmaq üçün Azərbaycanın vergi yükü rəqabət qabiliyyətli olmalıdır. Azərbaycana xarici investisi­ya­la­rın axması üçün ölkəmizdə vergi yükü kapital gələn ölkələrdən daha aşağı olmalıdır. Dünya Bankının tədqiqatına görə, vergi yükünə görə Qazaxıstan dünyada 38-ci yerdə, Gürcüstan 10-cu yerdə, Azərbaycan 95-ci yerdədir. Mən bu mövzunu genişləndirmək istəmirəm. Bu məsələlər barədə biz Maliyyə Nazirliyi ilə də, Vergilər Nazirliyi ilə də bir ne­çə dəfə danışmışıq. Hesab edirik ki, orta müddətli bir dövrdə qeyri-neft sektorunda vergi yükünün azaldılması haqqında hökmən düşünmək lazımdır.

Əgər Norveç təcrübəsinə istinad eləsək, görərik ki, burada diferensiasiya olunmuş vergi var – neft sektorunda vergi da­ha yüksək, qeyri-neft sektorunda isə daha aşağıdır. Çox ma­raqlı bir təcrübədir və bu təcrübəyə də hökmən baxmaq la­zım­dır. Burada başlıca istiqamətlərdən biri vergi yükünü istehsaldan istehlaka yönəltməkdir. Dünyada gedən vergi islahatlarında əsas meyllərdən biri də budur. Məsələn, Türki­yə iqtisadiyyatı bu gün dinamik inkişaf edən iqtisadiy­yatlar­dan biridir. Görürük ki, burada zinət mallarına, avtomobil­lərə, başqa şeylərə olduqca yüksək vergi yükü var. Əmlak vergisi haqqında dünən danışıldı. Bizim vergi sistemimiz insanları istehlaka yox, yığıma, investisiyaya sövq etməlidir. Biz iş yerləri yaradan, ixrac potensialı yaradan istehsalı hök­mən stimullaşdırmalı və bunu həm də vergi siyasəti vasi­təsilə həyata keçirməliyik.

Sosial vergilərin həcmi, biz hesab edirik ki, yüksəkdir. Mən bir daha pensiyalara, pensiya sisteminə qayıdacağam. Məsələn, sosial vergi bizdə 22 faizdirsə, Qazaxıstanda 11 faizdir. Bu da istehsalın üzərində olan bir vergidir. Hesab edirəm ki, sosial vergi də rəqabət qabiliyyətli olmalıdır.

Xərc siyasətinə gəlsək, yenə də orta müddətli dövrdə xərc­lərin rasionallaşdırılması məsələsi gündəmdə durur. Mən bununla əlaqədar olaraq bir neçə misal söyləmək istəyi­rəm. Məsələn, təhsil islahatları haqqında danışıldı, strategiya üzərində gərgin iş gedir. Təbii ki, bu gün konkret heç bir şey yoxdur, ancaq ilkin strategiyanın layihəsi var. Amma biz güman edirik, yaxın vaxtlarda o məsələlər öz aktuallığını artıracaq. Bu yaxınlarda Makkenzi şirkəti dünyanın qabaqcıl 20 ölkəsinin təhsil sistemini tədqiq etmiş və məlum olmuş­dur ki, bunların hamısında təhsilə çəkilən xərclər ümummilli məhsulun 6 faizi səviyyəsindədir. Bu bizim üçün oriyentirdir və bunu, təbii ki, bir gündə yox, müəyyən mərhələlərlə etmək lazım gələcək.

Beynəlxalq təcrübə göstərir ki, xərclərin 65 faizi əmək haq­qıdır. Biz bilirik ki, təhsil sistemi tərəfindən əmək haqqı­nın qaldırılması məsələləri qoyulur. Bu çox obyektivdir və aktualdır, lakin təhsil sistemində bu xərclər ilk növbədə kon­kret islahatlara ayrılmalı və əmək haqqının artırılması, bey­nəl­xalq təcrübədə olduğu kimi, müəllimlərin ixtisaslarının əhəmiyyətli dərəcədə artırılması hesabına baş verməlidir.

Mən xərclər sistemində pensiya islahatına qayıtmaq istə­yirəm. Səlim müəllim buradadır, bilmirəm. Pensiya Fondu­nun kəsiri son on ildə 10 dəfə artaraq artıq 1 milyard manata gəlib çatıb. Bu, büdcə üçün ağır yükdür. Bizdə müəyyən proqnozlar var, tədqiqatlar gedir. Bilirik ki, Sosial Müdafiə Fondunda da bu işlər görülür, tədqiqatlar aparılır. Demo­qrafik proqnozlarımıza görə, əhalimizin qocalması prosesi gedir. Bu çox yaxşıdır, çünki əhalimiz daha çox yaşayır, uzun­ömürlülük artır. Əgər hazırda bir pensionerin pensiya­sını 6 nəfər təmin edirsə, yaxın illərdə bu, birin üçə olacaq. Deməli, dövlətin, Pensiya Fondunun üzərinə düşən gərginlik də artacaq. Bu yükün artması, təbii ki, büdcə qarşısında problemlər yaradır. Bizim çox yaxşı bir pensiya strategiya­mız var. Bu gün mən bura gəlməzdən öncə yenə bu strate­giyaya baxdım. Məncə, məsələləri bir daha müzakirə edib burada qoyulan müddətlərə baxmaq lazımdır. Bu gün pen­siya isla­hat­larında qoyulan həmin o müddətlər bu çağırışlara cavab verirmi, yoxsa yox. Hesab edirəm, maliyyə tələbatı artır. Mən o rəqəmləri demək istəmirəm, yəqin ki, mənim həmkar­larım­da o var, rəqəmlər olduqca əhəmiyyətlidir. Bu­nun hamısını dövlət büdcəsindən vermək lazım gələcək. Ona görə də yığım sisteminə keçmək, büdcənin yükünü azaltmaq gərəkdir.

Bunun başqa aspektləri də var. Biz deyirik ki, iqtisadiy­ya­tı­mızda maliyyə resursları, uzunmüddətli investisiya resurs­ları çatışmır. Dünya təcrübəsinə müraciət etdikdə görürük ki, bankların verdikləri kreditlərin əsas mənbəyi pensiya və sığorta fondlarıdır, əmanətlərlə yüksək həcmdə yığımlar var. Pensiya islahatlarına bir az qabaq başlamış Qazaxıstanın Pen­siya Fonduna artıq təxminən 13 milyard dollara qədər vəsait yığılıb və bu, iqtisadiyyatın maliyyələşdirilməsinin çox mühüm mənbələrindən biridir.

Mən Milli Məclis komitələrinin iclaslarında iştirak etmə­səm də, bilirəm ki, onlarda ipoteka məsələsinə də toxunulub. Ona görə bir daha xərclərdə ipoteka məsələsinə qayıtmaq istəyirəm. Sosial ipoteka dövlət tərəfindən elan olunub. Biz hesab edirik ki, bu çox mühüm bir sosial proqramdır. Cənab Prezidentin son dövrdə irəli sürdüyü gənclər proqramı çərçi­və­sində sosial ipotekanın çox böyük rolu var. Bu, təkcə so­sial yönümlü deyil, həm də iqtisadi yönümlü bir proqramdır. Çünki tikinti sektoruna dəstək verir, orada iş yerlərinin yaradılmasına xidmət edir. Lakin hesab edirik ki, buraya ay­rılan 20 milyon manat kifayət deyil. Deməli, baxmaq lazım­dır ki, buraya daha hansı vəsaitlər cəlb edilə bilər. Məncə, bu fikri Milli Məclis də müdafiə edər. Bunun üçün ölkənin maliyyə imkanları var. Hazırda ipoteka ala bilən gənclərin sayı 100 min nəfərdir. Sosial ipotekanın həcminin cəmi 35 min manat olduğunu nəzərə alıb, 20 milyonu 35 minə böl­sək, təxminən 600 nəfərlik bir rəqəm alınır. Halbuki bu gün sosial ipoteka almaq üçün banklarda artıq qeydiyyatdan keç­miş insanların ehtiyacını ödəmək üçün təqribən 80 milyon manat tələb olunur. İnsanlar bu sistemdən bəhrələnmək istəyirlər. İnsanlar bu vəsaitləri gözləyirlər. Özü də ipoteka geriyə qayıdan vəsaitdir, kredit formasıdır. Biz hesab edirik ki, sosial ipotekanın şərtlərini bir qədər də yumşaltmaq olar və bunun üçün imkanlar var.

Kommersiya ipotekasını əhalinin aktiv hissəsi banklardan bazar şərtləri ilə götürməlidir. Əhalinin bu təbəqəsini bu proqram vasitəsilə müdafiə eləmək mümkündür. Bayaq de­dik­lərimizin əksəriyyəti orta müddətli, uzun müddətli dövr­ləri əhatə edir. Bu məsələ isə daha kəskindir və artıq cari ildə öz həllini tapa bilər.

Pul siyasətinə keçmək istəyirəm. Diversifikasiya, pul-kre­dit və məzənnə siyasəti aktivin müdafiə olunmasına yönəl­dilməlidir. Cənab Prezidentin toplantıda qarşıya qoyduğu vəzifələrdən biri də inflyasiyanın birrəqəmli qalmasına nail olmaq idi. Bu gün inflyasiya birrəqəmlidir. Amma biz hesab edirik ki, o, hətta daha aşağı birrəqəmli olmalıdır. Sabitlik dövründə bizdə təxminən 3–4 faizlik inflyasiya var idi. Ça­lış­maq lazımdır ki, inflyasiyanın səviyyəsi 5 faizdən yuxarı qalxmasın. Lakin bunun üçün müvafiq orqanların işinin çox ciddi surətdə əlaqələndirilməsi tələb olunur.

Məzənnə siyasətində Çin nümunəsinə nəzər yetirsəniz, görərsiniz ki, bu gün Çin ilə Amerika Birləşmiş Ştatları ara­sında ticarət müharibəsinin əsas səbəbkarı aşağı məzənnəyə malik olan yuandır. Çox uzun müddətdir ki, yuan aşağı mə­zən­nədə saxlanılır və bu, Çinin ixrac potensialının artırıl­masına xidmət edir. 20 il ərzində Çində ikirəqəmli artımın ən başlıca imperativlərindən biri aşağı məzənnə olub. Biz də yaxın illərdə elə makroiqtisadi siyasət yürütməliyik ki, aşağı kursu saxlaya bilək. Kursun bahalaşması Azərbaycanın ixrac potensialının artırılmasına mane ola bilər. Düzdür, bu gün manat 1,4 faizə qədər möhkəmlənib. Amma real olaraq o möhkəmlənməyib, çünki bizimlə tərəfdaş olan ölkələrdə daha yüksək inflyasiya var. Ona görə də bu gün bizi neytral kurs da təmin etməməlidir. Bizə lazımdır ki, kursumuz yumşaq olsun və ixrac potensialının artırılmasına xidmət etsin. Aşağı inflyasiya və yumşaq kurs imkan verməlidir ki, biz aşağı faiz dərəcəsi saxlayaq.

Ölkə çox əhəmiyyətli kapitalizasiya proqramı zərurəti qar­­şısındadır. Bunun üçün banklar mühüm rol oynama­lıdır­lar. Aşağı faizlərlə kreditlər verilməlidir. Aşağı faizlərlə kre­ditlərin verilməsi üçünsə aşağı inflyasiya, əhalinin əmanət­lərinin daha aşağı faizi lazımdır. Çox uzun müddətli ucuz pullar lazımdır ki, bank sistemi vasitəsilə, maliyyə sektoru­nun digər seqmentləri vasitəsilə ucuz kreditlər verilsin.

Bank sistemində aktivlik bərpa olunub. İlin əvvəlindən bank sektorunun göstəriciləri makroiqtisadi göstəriciləri əhə­miyyətli surətdə qabaqlayır və yəqin ki, ilin sonuna qədər də belə qalacaq. Mən hesab edirəm ki, iqtisadiyyata lazım olan səviyyədə kreditlər veriləcək. Lakin iqtisadiyyatın kreditə olan tələbatı daha çoxdur. Biz əlavə maliyyə resurslarının tapılması haqqında düşünməliyik. Bu mənbələr bizə məlum­dur. Bizim həm daxili, həm də xarici mənbələrdən iqtisadıy­yatımıza əlavə yatırım cəlb etmək imkanlarımız var. Əmi­nəm ki, biz yaxşı əlaqələndirilmiş iş sayəsində bu resursları iqtisadiyyatımıza verə bilərik.

Mən vaxtınızı çox aldım. Bir daha çıxışımın əvvəlinə qayıtmaq istəyirəm. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlığa malikdir. Cənab Prezident tərəfindən irəli sürülən çox realistik, aydın düşünülmüş bir strategiya və bu strategiya əsasında yeni iqtisadi kurs, yeni iqtisadi siyasət platforması var. Bizim borcumuz ondan ibarətdir ki, bunları həyata keçirək. Biz gələcəyə çox nikbin baxırıq. Azərbaycan iqtisadiyyatının gələcəyi ancaq belə bir qiymətə layiqdir. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Müzakirə­lərə başlayırıq. Fazil Mustafa.

F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Milli Bankın rəhbərinin çıxışını islahat xarakterli çox ciddi çıxış kimi qiymətləndirirəm. Kaş ki, bu deyilənlər hamısı həyata keçiriləydi. Təəssüf ki, bizə təqdim olunmuş bu büdcə layihəsi daha çox pessimist əhval-ruhiyyəyə rəvac verir. Əvvəla, bizim komitə sədri Ziyad müəllim bildirmişdi ki, bu büdcə layihəsinin ictimai müzakirəsi keçiriləcək. Amma bu il də əvvəlki illərdə olduğu kimi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı ilə hər hansı bir ciddi müzakirə keçirilmədi. Baxmayaraq ki, Maliyyə Nazirliyi internet saytında ilk dəfə olaraq dövlət büdcəsi layihəsinin geniş təqdimatını keçirmiş, dövlət investisiya layihələrinin ilkin siyahısını yerləşdirmişdi və burada gizli saxlanılacaq heç bir şey yox idi. Burada səslənən fikirlər onu göstərdi ki, büdcə ilə bağlı kifayət qədər problemlər var və bu prob­lem­lərin də ictimaiyyət tərəfindən gündəmə gətirilməsi olduqca vacibdir. Məncə, artıq bu ənənəni başlamaq lazımdır.

Büdcə layihəsi, məncə, iqtisadi sənəddən daha çox siyasi-ideoloji sənəddir. Bunun əsaslandırılmasını necə vermək olar? Birinci növbədə, burada bütün cəhdlər onu göstərməyə yönəldilib ki, neft sektorunun büdcədə çəkisi azaldılır və qeyri-neft sektorunun payı artmağa başlayır, yaxud da yük­sək­dir. Bunun üçün də, diqqət edirsinizsə, hasilatın pay böl­güsünə dair sazişlər üzrə subpodratçıların ödədiyi mənfəət vergisi də, Dövlət Neft Şirkətində, bütün birgə müəssisə­lər­də çalışanların şəxsi gəlir vergisi də, hamısı siyasi məqsəd­lərlə qeyri-neft sektorunun payına yazılır və bununla da giz­lədilməyə çalışılır ki, büdcə gəlirlərinin 75 faizi, – əslində, real vəziyyət budur, – neft sektoruna, 25 faizi isə qeyri-neft sektoruna aiddir.

Regionların vəziyyəti, kəndlərin vəziyyəti artıq birmənalı göstərir ki, bu sahə inkişaf eləmir. Bu sahədə ciddi prob­lem­lər var. Büdcə neft gəlirləri hesabına doldurulur. Strategiya­da nəzərdə tutulub ki, Dövlət Neft Fonduna daxilolmaların ən azı 25 faizi yığıma yönəldilməlidir, amma əslində, daxilolmaların 28 faizi büdcəyə yönəldilir. Bu nə deməkdir? Bu o deməkdir ki, büdcə artıq tamamilə neftin hesabına doldurulur. Deyə bilərlər ki, neftimiz var, bunu edirik. Am­ma onda qeyri-neft sektorunun inkişafı, regionların inkişafı barədə bu təbliğat nədir?

Büdcədə yerli gəlirlərin həddi 3 faizi keçmir. 98 faiz mər­kəzləşmiş vergilərə aiddir. Burada Milli Bankın hörmətli sədri Elman müəllim qeyd elədi ki, vergi yükünün müəyyən qədər azaldılması iqtisadiyyatımızın inkişafı üçün əsas şərt­lər­dəndir. Sadələşdirilmiş vergilərdə artım yoxdur. Artıq o həddə gəlib ki, 2011-ci ildə nəzərdə tutulan 36 milyon ma­nat­lıq vergi sanksiyaları artıq 120 milyon manata qalxır. Yə­ni sanksiyalar hesabına vergi gəlirləri ilə büdcənin doldu­rulması məsələsi nəzərdə tutulur. Bunlar hamısı müəyyən sahibkarların, iş adamlarının daha da sıxıntılı vəziyyətə düş­məsinə gətirib çıxara bilər.

Digər tərəfdən, bu layihədə büdcə xərclərinin 60 faizin­dən çoxunun son istifadə təyinatı yer almayıb ki, bu da ciddi bir problemdir. Böyük Britaniyanın “Ekonomist” jurnalında bildirilir ki, Azərbaycan iqtisadiyyatının 55 faizindən çoxu uçotdan yayınır, uçota alınmır. Bu, olduqca düşündürücü bir məsələdir. Deyə bilərsiniz ki, düşmənlərimiz vəziyyəti təhrif edirlər. Ola bilər, düşmənlərimiz 10 faiz, 20 faiz səhv elə­sin­lər, amma bu reallıqdır. Zərflərdə əmək haqlarının verilməsi və başqa məsələlər də hələ fakt olaraq qalır. Bunların ha­mısını artıq rəsmiləşdirməyin vaxtı gəlib çatıb.

Bir sıra sahələrdə özəlləşdirmənin həyata keçirilməsi vacibdir. Kənd təsərrüfatında ancaq Rusiyadan gələn pullar hesabına yaşayırlar. Regionlarda tikilən müəssisələrin heç biri kəndlinin rifah halını yüksəltmir. Fermer təsərrüfatları acınacaqlı vəziyyətdədir. Ona görə də bu kimi sahələrdə, məncə, daha ciddi islahatların keçirilməsinə ehtiyac var.

Vaxt qısa olduğuna görə bu məsələlərə geniş toxuna bilmirəm. Əmanətlərin qaytarılması məsələsində, Oqtay müəl­­lim, Sizin açıqlamanızı qaneedici hesab edirəm, amma hökumət heç bir açıqlama vermədi. Bildirsinlər ki, filan tarixə qanun layihəsi göndərəcəyik, siz də bunu müzakirəyə çıxaracaqsınız, bu məsələ öz həllini tapacaq. Məncə, bu, səmimi yanaşma deyil və mən buna inanmıram, əmanətlərin qaytarılması gözlənilmir. Mən istərdim ki, bu barədə açıqla­ma verilsin. Büdcə layihəsinin əleyhinə səs verəcəyəm.

Sədrlik edən. Fazil müəllim, Siz həmişə vergilərin aşağı olması məsələsini qeyd edirsiniz. Dəfələrlə izah olunub ki, bir çox təşkilatların mərkəzi orqanları Bakı şəhərində yer­ləşdiyi üçün vergilərin yükü şəhərə düşür, rayonlarda görün­mür. Bunu hamınız bilirsiniz və hər dəfə də eyni şeyi təkrar edirsiniz. Əmanətlərin qaytarılması məsələsinə gəlincə, mən bunu dünən izah elədim. Hökumət işləyir, Milli Məclis işlə­yir. Bu məsələ öz həllini tapacaq. Bu məsələni bir də tək­rarlamayaq. Buyurun, İqbal Ağazadə.

İ.Ağazadə. Hörmətli cənab Sədr, hörmətli hökumət üzv­ləri, dəyərli millət vəkilləri, mətbuat nümayəndələri! Mən hökumətin büdcə ilə bağlı hesabatına da, çıxışların məntiq və arqumentlərinə də diqqətlə qulaq asdım və ədəbiyyata ox­şar çoxlu təşbehlər eşitdim: “davamlı”, “stabil”, “milli stra­te­giyaya əsaslanan büdcə” və sair. Milli strategiyaya əsasla­nan büdcənin əgər 82 faizi, – bayaq Fazil bəy 75 faiz dedi, əslində, 82 faizdir, – birbaşa Dövlət Neft Fondu və neftdən gələn gəlirlər hesabına formalaşırsa, bu milli stra­tegiya gec-tez ölkənin milli dövlətini çökdürəcək. Bu milli dövlətin davamlı olması üçün dövlət dünya iqtisadiyya­tın­dan və özündən asılı olmayan arqumentlərin hamısını za­man-zaman sıradan çıxartmağı bacarmalıdır.

Uzun illərdir, bu Məclisdə büdcə müzakirə olunarkən çox önəmli faktlar göstərmiş, büdcənin neftdən asılılığı məsələ­si­ni qeyd etmişik. Hər dəfə də arqument gətirilib ki, neftimiz var və bu gün bu sahəyə kifayət qədər diqqət ayırıb o pulu xərc­lə­yirik, əslində, bunu gələcək nəsillərə saxlamamalıyıq, elə bu gün də xərcləməliyik. Çox gözəl, xərcləməliyik. Am­ma 2007-ci ildən bu yana 33,3 milyard manat vəsait qoyu­luşu edən hökumət bu 33,3 milyarddan gələn gəlirin bircə faizini gös­tərsin ki, görək hansı gəlir gəlib. Tikinti sekto­ru­na, abadlıq işlərinə və sairə 33,3 milyard manat vəsait inves­tisiya qoyulub.

Bu gün qarşımızda hökumətin verdiyi pulun, 9 milyard manatadək investisiya qoyuluşunun xərclənməsi cədvəli var. Yalnız azot zavodundan başqa, – ona da hər halda hesab edi­rəm, ciddi ehtiyac yoxdur, çünki Sumqayıt kimya məhsulları zavodunda bunu elə yenidən təşkil etmək mümkündür, – bir də tullantıların emalı zavodundan başqa bircə dənə müəssisə yoxdur. 9 milyardlıq pulun hamısı bu və ya digər şəkildə tikinti işlərinə xərclənir.

Bakıdan çıxırsan, Hacıqabula qədər yolun sağı, solu daş karxanalarına oxşayır. Hansı rayonun icra başçısı dəyişir, bir daş karxanası düzəldir. Rayon qala şəklində düzəldilir. Hansı yol çəkilir, onun ətrafında bir qala tikilir.

Hökumət buna cavab verməlidir ki, niyə bu qədər pulu səmərəsiz şəkildə vəsait qoyuluşuna yönəldir. Niyə düşün­mür­sünüz ki, qoyduğunuz vəsaitin gətirəcəyi gəlir nə qədər­dir? Büdcədən xərclədiyimiz pul hansı sahədən bu qədər gəlir gətirə biləcək?

Bəli, bu gün tikirik. Bu tikdiklərimiz 5 ildən, 6 ildən, 10 ildən sonra amortizasiya xərcləri tələb etməyəcəkmi, təmir-tikinti işləri üçün yenidən vəsait qoymayacağıqmı? Onda o pulu haradan alacağıq?

Özünüzün də etiraf etdiyiniz kimi, Dövlət Neft Fondun­dan transfer 60 faizə qalxıb, ümumilikdə Dövlət Neft Fon­dundan artıq 82 faizə qalxıb. Büdcə neftdən gələn gəlirlər hesabına doldurulur. Bəs sonra nə olacaq?

Ölkənin ixrac potensialının 95 faizi neft sektorunun hesa­bına həyata keçirilir. Bəs fikirləşirmisiniz ki, sabah bu ixrac faizini nə ilə qaldıracağıq, hansı formada qaldıracağıq?

Hörmətli hökumət üzvləri bildirir ki, biz regionun ən güclü dövlətiyik. Neft sektorunu bir anlıq kənara qoyun. 65 faiz ixrac potensialı Gürcüstandan, 42 faiz ixrac potensialı Ermənistandan geri qalan bir dövlətik.

Bu gün ölkənin sərvətlərinin istismarından gələn pulu han­sı sahəyə, nə cür xərcləyək ki, 10 ildən sonra Azərbay­ca­nı bir sektordan asılı vəziyyətə salmayaq? Çox təəssüflər olsun ki, hökumətin bu sahədə köklü iqtisadi proqramı yoxdur.

Mən müəllimlərin, həkimlərin, büdcədən maliyyələşən di­gər­lərinin maaşının aşağı olmasından, pensiyaların aşağı olma­sından danışmıram. Mən digər faktlara diqqəti yönəlt­mək istə­mirəm. Bunlar hər kəsə bəllidir. Amma hesab edi­rəm, hökumət növbəti ilə qədər yeni iqtisadi model, doğru­dan da, milli iqti­sadi strategiyaya söykənən bir iqtisadi proq­ram hazırlamalıdır və hesab etməməlidir ki, neftdən gələn gəlirlər mütəmadi, bu şəkildə davam edəcək. SSRİ kimi nəhəng bir imperiya neftin bir barelinin qiyməti 27 dollar olanda dünyaya diktə edirdi. Qiymət 9 dollara endiriləndə SSRİ kimi imperiyanı çökdür­dülər, süquta uğratdılar. Sabah bu proses Rusiya üçün...

Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.

Ə.Vəliyev. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hesab edirəm ki, bu gün müzakirəmizə təqdim olunan büdcə layihəsi ölkəmizin iqtisadi və siyasi qüdrətinin reallığını tam şəkildə əks etdirir. Məndən qabaq çıxış edən həmkarlarımdan fərqli olaraq mən hesab edirəm ki, bu gün müzakirəmizə çıxarılan büdcə layihəsi mükəmməl şəkildə hazırlanmışdır və ölkəmizin bugünkü dayanıqlı iqtisadi inki­şafını tam əks etdirir. Belə ki, hər bir sahə ayrılıqda təhlil edilmiş, hətta bizim iqtisadi göstəricilərin əvvəlki illərin və inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri ilə müqayisəsi aparılmış və ölkəmizin iqtisadi inkişafının dinamikası müəy­yənləşdirilmişdir. Mən hesab edirəm ki, büdcə layihəsi ölkə­mizin hərtərəfli inkişafına və insanlarımızın sosial prob­lem­lərinin həllinə, məşğulluğun artmasına, eyni zamanda, yoxsulluq həddinin azalmasına istiqamətlənmişdir. Mən büd­cə layihəsinə müsbət münasibətimi bildirəcəyəm və həm­kar­larımı da bu cür münasibət bildirməyə çağırıram.

Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hö­ku­mətin burada olmasından istifadə edərək millət vəkili se­çil­diyim Qazax rayonu ilə bağlı bəzi fikir və təkliflərimi nə­zərinizə çatdırmaq istərdim. İlk öncə Qazax rayonu ilə bağlı qaldırdığım bəzi problemlərin həlli istiqamətində mü­hüm addımlar atdıqlarına görə bir neçə nazirliyə və bütöv­lükdə Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirirəm.

Bilirsiniz ki, Qazax rayonu Azərbaycanın Qərb qapısıdır. Ulu öndərimiz demişdir: “Əziz qazaxlılar, siz burada həm öz torpaqlarınızı qoruyursunuz, həm də bütün Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”. Bu ifadələrin fonunda, mən hesab edirəm ki, Qazax rayonunun Azərbaycan üçün nə qədər strateji əhəmiyyətə malik olma­sını söyləməyə ehtiyac yoxdur.

Bu gün Qazax rayonu Ermənistanla 168 kilometr sərhədə malikdir. Qazax rayonunun 7 kəndi işğal olunub, 5 kəndi də atəş altındadır. 3071 nəfər məcburi köçkün, 947 ailə rayon mərkəzində və rayonun müxtəlif kəndlərində vaqonlarda və ayrı-ayrı yararsız binalarda yaşayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bunların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Bu günlərdə Qazax Rayon İcra Hakimiy­yəti məcburi köçkün ailələrinin mənzil-məişət şəraitini yax­şılaşdırmaq məqsədilə Qazax rayonu ərazisində 3 ədəd 56 mənzilli yaşayış binasının tikilməsini və ya məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınmasını hökumətdən xahiş etmiş və bundan ötrü torpaq sahəsinin ayrılması üçün imkan olduğunu qeyd etmişdir. Mən hökumətdən xahiş edirəm ki, bu xahişimin təmin olunmasına diqqət yetirsin.

Eyni zamanda, məlumat olaraq bildirmək istəyirəm ki, Qazax rayonunun Qızılhacılı kənd sakinləri işğal olunmuş kəndlərinin təxminən 2 kilometrliyində özlərinin pay torpaq­larında kənd salmaları məqsədilə müraciət etmişlər. Həmin müraciəti əsas tutaraq mən də bu barədə müvafiq təşkilatlar­dan xahiş etmişəm. Mən bu insanların öz dədə-baba torpaq­larından uzaqlaşmaması naminə onların kəndlərinin bərpa olunmasına yardım edilməsini hökumətdən xahiş edirəm.

Hörmətli hökumət üzvləri, sərhəd kəndlərinin problem­ləri­nin həllinə dair ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən Qazax rayonunun sərhəd kəndlərində çox böyük işlər görülür, tibb məntəqələri və sair tikilir. Bunun üçün Səhiyyə Nazirliyinə təşəkkürümü bildirir və hökumətdən xahiş edirəm ki, Qazax Mərkəzi xəstəxanasının yararsız olmasını nəzərə alaraq yeni binanın tikilməsi və tibb avadanlıqları ilə təchiz olunması üçün 2012-ci ilin büdcəsində vəsait ayrılmasını nəzərdə tutsun.

Hesab edirəm ki, bu təkliflərin hörmətli Prezidentimizin bu istiqamətdə apardığı uğurlu strategiyaya uyğun olaraq nəzərə alınması seçicilərim tərəfindən rəğbətlə qarşılanacaq­dır. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Hikmət Atayev buyursun.

H. Atayev. Çox sağ olun. Müzakirəmizə çıxarılan 2012-ci ilin dövlət büdcəsi layihəsi ilə əlaqəli mənim də kifayət qədər deyiləcək sözüm və veriləcək təklifim var. Ancaq çıxış üçün vaxtın məhdudluğunu nəzərə alaraq onların az bir qismi ilə kifayətlənəcəyəm. Mən təmsil etdiyim çoxmillətli Zaqatala rayonu üçün və eynilə tərkibində azsaylı millətlərin kompakt yaşadığı kəndlər olan digər rayonlar üçün spesifik və mənim fikrimcə, əhəmiyyətli bir problemi sizin diqqə­tinizə çatdırmaq istəyirəm. Möhtərəm cənab Prezidentin gös­­tərişi və Heydər Əliyev Fondunun prezidenti hörmətli həmkarımız Mehriban xanımın fəaliyyəti nəticəsində res­publikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da çox sayda yeni məktəb tikilib, köhnə məktəblər əsaslı təmir edilib, lazımi avadanlıqla təchiz olunaraq əhalinin istifadəsinə verilib. Bu işlərin əsas məqsədi müstəqil Azər­baycanımızın sabahı üçün dilimizi, tariximizi, mədəniyyəti­mizi bilən savadlı, vətənpərvər vətəndaş yetişdirməkdir.

Rayonumuz üçün spesifik olan cəhət ondan ibarətdir ki, azsaylı millətlərin kompakt yaşadığı bir sıra kəndlərdə uşaq­lar birinci sinfə gedərkən hələ Azərbaycan dilini bilmirlər. 1-ci sinif proqramı Azərbaycan dilini bilənlərə hesablandığı üçün uşaqların əksəriyyəti onu lazımi səviyyədə mənimsəyə bilmir. Eyni proses növbəti illərdə də təkrar olunduğundan məktəbi bitirərkən uşaqlar nə Azərbaycan dilini lazımi səviyyədə bilir, nə də tədris olunan biliklərə yiyələnmiş olurlar. Ən yaxşı halda onların Azərbaycan dili biliyi minimal məişət tələbatlarını ödəmək səviyyəsində olur. Nəticədə məktəbi bitirdikdən sonra Azərbaycan dilini bilmədiklərinə görə onlar respublikamızın digər yerlərində cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkdiklərindən öz kəndlərində qalır və gələcəkdə öz yerliləri ilə ailə qururlar. Yeni qurulan ailələrin hər iki üzvü Azərbaycan dilini kifayət qədər bilmə­diyinə görə öz uşaqlarına da Azərbaycan dilini öyrədə bilmir və qeyd etdiyim proses nəsildən-nəslə təkrar olunur. Əgər lazımi tədbirlər görülməsə, vəziyyət belə də davam edəcək. Nəticədə belə kəndlərdə yaşayan Azərbaycan vətəndaşları özlərindən asılı olmayan səbəblərdən azərbaycançılıq məf­ku­rəsindən kənarda qalırlar.

Bu qüsurlu dövretməni qırmaq məqsədi ilə azsaylı millət­lərin kompakt yaşadığı kəndlərdə Azərbaycan dilini tədris edən, dövlət hesabına maliyyələşən hazırlıqlı mütəxəssis­lər­lə kompektləşdirilmiş uşaq bağçalarının açılmasını zəruri hesab edirəm. Mən əminəm ki, tədris, ailə və uşaq problem­ləri sahəsində möhtərəm Prezidentimiz və Azərbaycanın birinci xanımı tərəfindən aparılan siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə uşaq bağçaları problemi də bütövlükdə həll ediləcəkdir. Sadəcə, bu prosesdə azsaylı millətlərin kom­pakt yaşadığı kəndlərin ilk plana salınmasını daha vacib hesab edir və 2012-ci, habelə növbəti illərin dövlət büdcəsi hazırlanarkən bu təklifimin nəzərə alınmasını xahiş edirəm.

Bir xahişimi də nəzərinizə çatdırmaq istəyərdim. Çıxışım­da qeyd etdim ki, digər yerlərdə olduğu kimi, Zaqatalada da təhsil sahəsində çox işlər görülüb, çox məktəblər tikilib, əsaslı təmir olunub. Lakin Zaqatalanın mərkəzində Heydər Əliyev prospektində yerləşən ən böyük məktəblərdən biri, 2 saylı orta məktəb 1952-ci ildə tikildikdən bu günəcən bir dəfə də əsaslı təmir olunmayıb və hazırda burada əsaslı tə­mi­rə çox ciddi ehtiyac var. Bunu da büdcə tutularkən nəzərə almağınızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı buyursun.

X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, media işçiləri! Biz artıq iki gündür ki, burada büdcəmizin müsbət cəhətləri, ötən illərlə müqayisədə onun daha da tək­milləşdirilməsi istiqamətində görülən işlər barədə xoş sözlər, bəzi hallarda isə onunla bağlı tənqidi fikirlər eşidirik. Amma mən çox təəssüflənirəm ki, biz bir şeyi eşitmədik. Bəlkə də yadımızdan çıxıb ki, biz nail olduğumuz bütün uğurları hansı potensialla əldə etmişik. Mənim hörmətli deputat həm­karlarım, biz bunu 80 faiz potensialla etmişik. Bizim 20 faiz ərazimiz işğal altındadır. Bu o demək deyil ki, biz istehsal olunan ümumi daxili məhsulu 20 faiz artırsaq, həmin göstə­riciyə çatarıq. Xeyr. Ölkədaxili iqtisadi əlaqələrin pozulma­sının Azərbaycanın iqtisadiyyatına, sosial həyatına nə qədər mənfi təsir göstərdiyini hələ dəqiqləşdirmək lazımdır.

Erməni mətbuatı yazır ki, Azərbaycana demokratik ölkə demək olmaz, ona görə ki, büdcədə müdafiə xərclərini artı­rır. Amma biz də cavab veririk ki, Azərbaycan bunu nə Rusiya Federasiyasından, nə Gürcüstandan, nə İran İslam Res­publikasından, nə də Türkiyə Cümhuriyyətindən müdafiə olunmaq üçün edir. Azərbaycana daim zərər vuran, onun torpaqlarına göz dikən, işğal mövqeyində duran xəyanətkar Ermənistan olubdur. Bu gün biz büdcədə müdafiə xərclərini artırırıqsa, bu da Ermənistan tərəfindən Azərbaycana vurulan zərərin üstünə gəlməlidir. Bu barədə ölkə Prezidenti də­fə­lərlə birbaşa və ya dolayısı yolla fikrini bildirmişdir. Biz bundan nəticə çıxartmalıyıq. Bu gün biz heç də elə düşün­mə­­məliyik ki, işğal altında olan ərazilərimizin inşallah işğal­dan azad olunması bizim bütün itirdiklərimizin qaytarılması deməkdir. Biz hələ gərək fikirləşək ki, ermənilər tərəfindən bizə nə qədər ziyan vurulub və biz nələri itirmişik. Bax bu istiqamətdə fikirləşmək lazımdır.

Mənə elə gəlir ki, ölkə rəhbərinin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən artıq bu istiqa­mət­də işlər görülür və hətta tarix boyu Ermənistan tərəfin­dən Azərbaycana vurulan bütün zərərin dəyərləndirilməsi və vahid rəqəmə gətirilməsi üzərində iş gedir. Çünki işğal altında olan ərazilərimiz azad edildikdən sonra orada bərpa işlərinin aparılmasına milyard manatlarla vəsait tələb oluna­caq­dır. Zəruri xərclərdən yalnız birini – bu ərazilərin minalardan təmizlənməsi xərcini hesablasaq, bunun olduqca bö­yük bir rəqəm olduğu meydana çıxacaqdır. Ona görə biz bu gün fikirləşməliyik ki, sabah bunu donor ölkələrin vəsaiti hesabına həyata keçirə bilək. Dünyada 63 ölkədə belə mü­naqişələr var. İndidən konsepsiyanı verək, deyək, gəlin özü­nüz şahid olun, görün, Ermənistan bizə nə qədər ziyan vurub. Ərazimizin bu minalardan təmizlənməsi işini siz maliy­yələşdirin, çünki bunu Azərbaycan etməyibdir. Azərbaycan bu işdə günahkar deyildir.

Mən yenə deyirəm, biz büdcəmiz və ümumiyyətlə, iqtisa­diy­yatımız haqqında mülahizələrimizi söyləyəndə fikirləş­mə­­liyik ki, bu qədər böyük uğurları biz hansı potensialla əldə edirik. Biz özümüzü Çinlə, Amerika ilə, başqa ölkələrlə müqayisə edəndə, yaxşı olar ki, bu məsələləri də fikirləşək.

Mən hesab edirəm ki, bizim müzakirəyə təqdim olunan büdcəmiz son illərlə müqayisədə irəliyə doğru atılmış bir addımdır. Beynəlxalq təşkilatların rəyləri də belə deməyə əsas verir ki, orta müddətə hesablanan bu büdcədə gələn il və sonrakı 3 il üçün müəyyən edilən istiqamətlər, strategiyalar tamamilə məqsədəuyğun və qanunauyğundur. Mən hesab edirəm ki, cənab Sədr, biz bu gün bəzi nöqsanları deyiriksə, görünür, bu təkrarçılıqdan əmələ gəlir. Hökumət tərəfindən geniş təhlil verildi və hesab edirəm ki, biz artıq büdcəyə səs...

Sədrlik edən. Çox sağ olun, hörmətli Xanhüseyn müəl­lim. Bizim bəzi həmkarlarımızın, çox təəssüf ki, bir növ təc­rübəsi, uzaqgörənliyi çatmır, həmişə eyni şeyləri təkrar edir­lər. Çox vaxt çıxışlarında Azərbaycanın neftdən asılı oldu­ğu­nu deyir, nefti gələcək nəsillərə saxlamağın zəruriliyini qeyd edirlər. Biz neftdən gələn gəliri gələcək nəsillərə də sax­layırıq. Ancaq indi yaşayan nəsil bəyəm Azərbaycanın nəsli deyil? İndi yaşayan cavanlar, indi yaşayan insanlar azərbaycanlılar deyillər? Nə fərqi var, indiki nəsil, gələcək nəsil? Bu hamıya xidmət etməlidir.

Çıxış edənlərdən bəziləri Azərbaycan iqtisadiyyatını hər­dən Ermənistan iqtisadiyyatı ilə müqayisə edirlər. Bu gü­lünc­dür. Bütün dünya Azərbaycan iqtisadiyyatının inkişafın­dan danışdığı zaman belə bir müqayisə aparmaq, həqiqətən, çox gülüncdür. Ona görə mən hesab edirəm ki, heç buna cavab verməyin mənası yoxdur. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, mən bizim müxalif millət vəkillərindən, opponentlə­ri­mizdən fərqli olaraq büdcənin təqdimatı ilə bağlı çox opti­mistəm. Bu optimistliyin səbəbləri var. Birincisi, bir neçə il bundan əvvəl də belə fikirlər söylənilirdi və dünyada, Avropada baş verən iqtisadi böhran dünya ölkələri üçün, onların iqtisadiyyatları üçün bir sınaq oldu. Azərbaycan bəlkə də yeganə ölkədir ki, bu sınaqdan şərəflə çıxdı və demək olar ki, heç bir itki vermədi. Bu, vaxtilə cənab Prezidentin müəy­yənləşdirdiyi çox düzgün, məntiqli bir iqtisadi siyasətin nəti­cə­si idi. İndi Amerika Birləşmiş Ştatlarında, Avropa Birliyi­nin çox qabaqcıl ölkələrində, hətta İtaliya, Fransa, Yunanıs­tan və İspaniyadakı vəziyyət məlumdur. Oradakı sosial prob­lemlər, dövlət borcları, təbii ki, insanların narahatçılı­ğına səbəb olub. İnsanlar özlərinin toplaşmaq azadlığı hüqu­qundan istifadə edir və biz indi bu ölkələrin nəinki iqtisadi, eyni zamanda, siyasi və insan haqları baxımından da çox ciddi problemlərlə üzləşdiyini müşahidə edirik.

Mən Sizin o fikrinizlə tamamilə razıyam ki, bu gün Azər­baycanı, ümumiyyətcə, heç bir ölkə ilə, xüsusən də region­dakı ölkələrlə müqayisə etmək olmaz. Xatırlatmaq istəyi­rəm, bu günlərdə Kaspi İnformasiya Mərkəzinin sifarişi ilə Böyük Britaniyanın qeyri-hökumət təşkilatlarından biri sor­ğu keçirib. Onun nəticələrinə görə, ölkə Prezidenti əhalimi­zin 95 faizi tərəfindən dəstəklənir, onun siyasəti, eyni za­man­da, hökumətimizin həyata keçirdiyi işlər, siyasət xalqı­mı­zin təxminən 70–75 faizi tərəfindən dəstəklənir. Bu rə­qəm­lər özü bizim strateji kursumuzun nə qədər düzgün ol­ma­sından xəbər verir.

Bu yaxınlarda biz vacib bir beynəlxalq siyasi hadisənin də şahidi olduq. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. İndi artıq Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionda nüfuzlu bir ölkədir.

Cənab Sədr, bildiyiniz kimi, inkişaf etməkdə olan bir sıra ölkələr regionda tək iqtisadi yox, həm də ictimai, siyasi pro­seslərə dəstək vermək məqsədi ilə inkişaf agentlikləri yara­dır. Mən hesab edirəm ki, artıq Azərbaycanın da beynəlxalq inkişaf agentliyi yaratmasının zamanı çatıb. Mən buna vəsait ayrılmasını arzu edərdim. Türkiyə, İsveçrə hökumətləri bunu edir, ABŞ modeli məlumdur. Bu, beynəlxalq əlaqələrin bir Qərb modeli, sivil modelidir. Əlbəttə, biz humanitar və mə­dəni məsələlərdə Heydər Əliyev Fondunun, iqtisadi məsə­lə­lərdə Dövlət Neft Şirkətinin uğurlu fəaliyyətini müşahidə edirik. Mənə elə gəlir ki, Azərbaycan beynəlxalq inkişaf agentliyi yaradılarsa, biz həm bölgədə və dünyada baş verən proseslərdə iştirak etməkdən, həm də vətəndaş cəmiyyət­lərinə, onların medialarına Azərbaycanı tanıtmaqdan ötrü bir leqal imkan əldə etmiş olarıq.

Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan hökuməti­nin Avropa Birliyindən olan tərəfdaşları ilə əməkdaşlığı çox vacibdir. Eyni zamanda, düşünürəm ki, büdcənin formalaş­dı­rılması zamanı struktur islahatlarından da yan keçmək lazım deyil. Biz 2005, 2006, 2007-ci illərdə bunu müşahidə etdik. Amma mənə elə gəlir ki, son zamanlar struktur isla­hat­ları bir qədər zəifləyib. Struktur islahatları olmadığına gö­rə xeyli vəsaitin xərclənməsində israfçılığa yol verilir. Mən buna 8.8-ci maddəni – mənzil-kommunal sisteminə ay­rı­lan vəsaiti misal göstərə bilərəm. Təəssüf ki, bu sistem han­sısa islahatlara uğramadan vaxtilə sovetlər birliyində ol­du­ğu kimi qalıb. Hazırda bu strukturlara, – xalq arasında onlara JEK deyirlər, – ayrılan vəsaitləri yoxlasanız görərsi­niz ki, onlar bizim heç bugünkü mənzil münasibətlərinə, mənzil qanunvericiliyinə uyğun gəlmir. Onlara ayrılan külli miqdarda vəsait çox hallarda qeyri-işlərə xərclənir və əslin­də, struktur baxımından da artıq mövcud olan münasibətləri özündə tənzimləmir.

Mən bəzi həmkarlarımdan fərqli olaraq düşünürəm ki, indi bizdə səmərəli idarəetmədən ötrü də yaxşı bir baza for­malaşıb. Elektron hökumət sistemi icra olunmaqdadır. Bura­da ayrı-ayrı komponentlərdə uğurlar var, amma düşünürəm ki, yaxın gələcəkdə hökumətin yanında elektron hökuməti idarə etməklə bağlı xüsusi bir qurumun da fəaliyyətə başla­masına ehtiyac olacaq. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Abel Məhərrəmov buyur­sun.

A.Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputat həmkarlar, hörmətli hökumət üzvləri! İlk növbədə hər birinizi salamlayıram. Qeyd etmək istəyirəm ki, bu gün müzakirə olunan büdcə zərfinə bir neçə yanaşma var. Bun­lar­dan ikisini qeyd etmək istəyirəm. Biri populist yanaşma, yəni mikroskop altında baxmaq, opponentlik etmək, nə isə axtarmaq, üzə çıxarmaq, populist fikirlər ortaya qoymaq­dırsa, ikincisi də praqmatik yanaşmadır.

Ümumiyyətlə götürsək, bu gün Azərbaycanın iqtisadi uğu­runu, dövlətçilik uğurunu müzakirə edirik. Perspektivə ünvanlanmış çox gözəl təkliflər də irəli sürülür. Mən tez-tez xaricdə oluram. Mənə suallar verirlər ki, necə olur, deyirsi­niz, həm müharibə şəraitindəsiniz, həm torpaqlarınızın 20 faizi işğal altındadır, həm də bir belə iqtisadi uğurunuz var? Bizim iqtisadi inkişafımız onları da maraqlandırır.

Bütün bu uğurların arxasında Heydər Əliyev siyasəti və bu gün ölkə Prezidentimiz cənab İlham Əliyevin titanik əməyi durur. Doğrudan da, bu gün hökumətimizdə gözəl bir komanda var. Bu komandanın zəhməti, əməyi çoxdur. Onu yerə vurmaq lazım deyil. Çox yüksək şəkildə hazırlanmış bir büdcə layihəsidir. Təbii ki, mən onu dəyərləndirirəm. Elə bil, onu böyük bir institut işləyibdir. Gündən-günə də təkmil bir layihə ortaya çıxarılır. Dəstək verirəm, səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram.

Bununla bərabər, strateji planda yox, taktiki müstəvidə bir neçə təklifim var. Mən belə hesab edirəm ki, müəllimlərin, təhsil işçilərinin sosial vəziyyətinə yenidən baxılmalıdır. Bu çox vacib məsələdir. Elmin, təhsilin inkişafına diqqəti daha da artırmaq lazımdır. Nə mənada? Həmişə düşünməliyik ki, XXI əsr elmin, təhsilin inkişafı əsridir. Əgər bizdə elm, təh­sil zəif olarsa, uğurlarımız gələcəkdə zəifləyəcəkdir. Burada hökumətə irad tutulur ki, neftdən gələn gəlirlər büdcəyə transfer edilir və sair. Belə bir misal var, deyir, pulu xərc­lə­din, sənindir, xərcləmədin, sənin deyil. Biz pulun hansı isti­qamətə daha məqsədyönlü xərclənməsi haqqında düşünmə­liyik. Ancaq bu pullar xərclənməlidir. Gələcəkdə, ola bilər ki, yeni nəsillər daha alternativ enerji növləri tapdılar, büd­cəni başqa müstəvidə formalaşdırdılar. Ona görə çəkinmək lazım deyil. Əksinə, mən təklif edərdim ki, Dövlət Neft Fondundan transferləri bir az da artırıb Azərbaycanda elmi, təhsili inkişaf etdirək. Makedoniyalı İsgəndərin uğurunun arxasında Sokratın hikmətli düşüncəsi dururdu. Yəni bu gün elm, təhsil nə qədər inkişaf etsə, gələcək uğurlarımızın sayı o qədər arta və Neft Fondundan transferlərin sayı azala bilər. Ona görə elmə, təhsilə diqqəti artırmaq lazımdır.

İkinci təklifim. Mən bu barədə hörmətli Samir müəllimlə də danışdım. Büdcədə “Elm və təhsil xərclərinin əsas isti­qa­mətləri” bölməsi var. Burada elmin inkişafından bəhs edər­kən həmişə Akademiyanın adını çəkirlər. Mən Akademiya­nın üzvüyəm, bunu dəstəkləyirəm. Bəlkə də bu rəqəmlər azdır, artırmaq lazımdır. Ancaq Azərbaycanda 1800 profes­sor var və bunların 1200-ü ali təhsil müəssisələrində işləyir. Onların da elmini stimullaşdırmaq lazımdır. Samir müəllim, mənə elə gəlir ki, bu təklifə də baxıla bilər. Bu, ya ümumi yazılmalıdır, ya da ali təhsil müəssisələrində işləyənlər ayrı­ca nəzərə alınmalıdır.

Son olaraq onu demək istəyirəm ki, hökumət üzvləri döv­lət büdcəsindən ayrılan vəsaitlərin necə xərcləndiyinə də sistematik olaraq nəzarət etməli, o cümlədən Bakı Dövlət Universitetinə gəlməli, yaranan şəraitə baxmalıdırlar və sair.

Əlbəttə, mənim başqa təkliflərim də var. Vaxtın azlığın­dan deyə bilmirəm. Onları yazılı şəkildə hörmətli Samir mü­əllimə verəcəyəm. Mən bu layihəyə səs verəcəyəm və həm­karlarımı da ona səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun, Abel müəllim. Buyursun Qənirə Paşayeva.

Q.Paşayeva. Hörmətli xanımlar və cənablar! Mən də bu büdcə layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. An­caq bəzi fikirlərim və təkliflərim də var.

Bəzi millət vəkilləri də bu məsələni qaldırıblar. Çox ciddi məsələdir. Hər il Azərbaycanda orta ümumtəhsil məktəblə­rini 100–120 min məzun bitirir. Amma bu məzunlardan cəmi 20–30 mini ali və orta ixtisas məktəblərə daxil olur. Deməli, 80–90 min məzun heç bir təhsilə yiyələnə bilmir. Çox vacibdir ki, biz bu gəncləri texniki peşə məktəblərinə yönəldək, texniki peşə təhsili almaqlarını təmin edək. Çünki biz görürük ki, ölkəmizin əmək bazarında yüksək səviyyəli texniki təhsil almış kadrlara nə qədər ehtiyac var. Amma bizim texniki peşə məktəbləri bugünkü standartlara cavab vermir. Bu sahədə çox ciddi işlərə, addımlara ehtiyac var. Biz texniki kadrların hazırlığında çox işlər görə bilərik. Am­ma mən büdcəyə baxdığım zaman gördüm ki, texniki peşə məktəblərinə çox cüzi bir vəsait ayrılıb. Sadəcə, mənə ma­raqlıdır ki, bu rəqəmlər haradan götürülüb. Doğrudanmı, bu rəqəmlərlə ölkədə texniki peşə təhsilini yüksəltmək müm­kündür? Burada həm vəsaitin artırılmasına, həm də islahatla­rın aparılmasına ehtiyac var. Biz bu məsələyə çox ciddi önəm verməliyik.

İkinci məsələ. Mən kənd rayonunu təmsil edən millət və­kiliyəm. Hörmətli Samir müəllim komitə müzakirələrində bu məsələ qaldırılanda vurğuladı ki, biz də hesab edirik, bu prob­lem öz həllini tapmalıdır. Söhbət yataqxanalardan gedir. Bizim elə universitetimiz var ki, ümumiyyətlə, yataqxanası yoxdur. Təbii ki, bizim ağır günlərimiz olub, məcburi köç­kün­lərimiz orada məskunlaşıblar. Bu da təbii hadisədir. Onlar bizim vətəndaşlardır. Amma indi ölkəmizin imkanları artıb. Yaxşı olardı ki, məcburi köçkünlərimizə lazımi vəsait ayrılsın ki, onlar yataqxanalardan mənzillərə, evlərə köçsün­lər. O yataqxanaların normal vəziyyətdə olanları tezliklə təmir olunub universitetlərə qaytarılsın. Çünki kəndlərdən, rayonlardan gələn uşaqların təhsilində bu çox önəmli məsə­lə­dir. Ailələr Bakıda övladlarını kirayədə saxlaya bilmirlər. Yeni yataqxanaların da tikintisinə ciddi şəkildə ehtiyac var. Heç olmasa, gələn təhsil ilinə qədər yataqxanalar məsələsin­də irəliləyişlərin əldə olunması çox vacibdir.

Üçüncü məsələ. Hörmətli Elman müəllim bunu çox gözəl vurğuladı. Bütün millət vəkillərini, cəmiyyəti narahat edən bu məsələni özü ciddiliyi ilə açıqladı. Söhbət ipoteka kredit­lərindən gedir. Bu məqsədlə 20 milyon manat vəsait ayrılıb. Elman müəllim də vurğuladı ki, bu, təxminən 600 ailənin probleminin həlli deməkdir. Bugünkü müraciətlər nəzərə alınarsa, buna 80 milyon manat tələb olunur. Bu gün ən azı 100 min ailənin mənzillə təmin olunmasına çox ciddi ehti­yac var. Bu gün ölkəmizin büdcəsi bu ehtiyacın ödənilmə­sinə imkan verir. 20 milyonu biz 40, 50, 60 milyon etsək, gör nə qədər insanımızın bu istiqamətdə ağır problemi həll olunar. Mən xüsusilə gənclər və gənc ailələr adından xahiş edirəm ki, bu məsələyə yenidən baxılsın. İpoteka kreditdir, insanlar onu bütünlüklə dövlətə qaytarır. Ona görə xahiş edirəm ki, həm bu vəsaitlərin həcmi artırılsın, həm də o şərtlər bir az yumşaldılsın ki, insanlarımız ipotekadan daha çox istifadə etsinlər.

Mən sonda daha bir məsələyə qısaca toxunmaq istəyirəm. Bu gün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində çox işlər görülür. Amma indi bu istiqamətdə daha bir addım atılsa, ölkəmizin paytaxtında azərbaycanlıların soyqırımı muzeyinin yaradılması məsələsi də öz həllini tapsa, yaxşı olar. Mən çox istərdim ki, o da gələn ilin büdcə çərçivəsində öz həllini tapsın. Sağ olun.

Sədrlik edən. Sağ olun, Qənirə xanım. Qüdrət Həsənqu­liyev.

Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Çalışacağam ki, 5 dəqiqə ərzində bəzi məsələlərə münasibətimi bildirim. Mən təəssüf edirəm ki, mənim həmkarlarım bəzi müxalif fikirli insanları burada qərəzlilikdə, uğurları görməməkdə ittiham edirlər. Biz yalnız hökumətin bizə təqdim etdiyi rəqəmlər əsasında fikirlərimizi bildiririk. Məsələn, hökumət bəyan edib ki, bu büdcənin təqribən 16 milyard 500 milyon manat gəliri olacaq. Bunun yalnız 5 milyard 310 milyonu Vergilər Nazirliyinin xətti ilə toplanır və onun da cəmi 59,9 faizi qeyri-neft sektorunun payına düşür. Yəni gəlirin ancaq 30 faizi vergilər hesabına toplanır və onun da təqribən yarısını qeyri-neft sektoru verir. Bu rəqəmlər hər şeyi deyir. Hansı qərəzlikdən söhbət gedə bilər? Hamımızı narahat edir ki, qeyri-neft sektoru inkişaf etmir, amma Bakıdakı müəssi­sə­lərin yerlərdə nümayəndəliyi açılır, ona görə vergilər, əsa­sən, burada toplanır. Yaxşı, bəs niyə bir adam düşünmür ki, regionlarda neft sahibkarları yaranmır? Məsələ aydındır.

Mən bu qısa vaxt ərzində nəyi söyləmək istəyirəm? Müəl­lim­lərlə səhiyyə işçilərinin maaşı həddindən artıq azdır. Hət­ta respublikada olan orta əmək haqqından 3 dəfə, ən yaxşı halda 2 dəfə azdır. Ona görə ən azı bu kateqoriyadan olan şəxslərin maaşları orta aylıq əmək haqqı səviyyəsinə çatdı­rıl­malıdır. Bunun üçün də mütləq dövlət universitetləri, sə­hiy­yə obyektləri özəlləşdirilməlidir. Biz keçid dövrünü başa vurmuşuq. Cənab Prezident də bunu söyləyib. Biz bu gün bazar iqtisadiyyatına keçmiş bir dövlətik. Belə olan təqdirdə niyə bunlar dövlətin istifadəsində qalmalıdır?

Mən mətbuatdan oxudum, komitənin də iclasında dedim ki, hətta bu gün Neft Şirkətinə məxsus səhiyyə müəssisələri də Səhiyyə Nazirliyinə verilib. Mən özüm Neftçilər xəstə­xa­nasında olmuşam. Bir hissəsi təmir olunub, bir hissəsi bərbad vəziyyətdədir. Respublika xəstəxanasında olmuşam. Eyni qaydada, bir korpus təmir olunub, ikincisi bərbad vəziyyətdədir və yeni avadanlıqlara ehtiyac var.

Mən bu istiqamətdə görülən işlərə kölgə salmaq istəmi­rəm. Bəli, çoxlu səhiyyə müəssisələri tikilib, gözəl təmir olu­nub, avadanlıqlar alınıb. Amma əlavə çox böyük işlər görülməlidir. Dövlət bunu edə bilməyəcək. Ona görə də mütləq biz burada özəlləşdirməyə getməliyik.

Başqa bir məsələ. Mən Naxçıvanla bağlı bir məsələyə diqqəti yönəltmək istəyirəm. Məsələn, mənim doğulduğum Culfa rayonunda iki böyük şərab zavodu var idi. 30 minlik rayonda indi onların heç biri işləmir. Ona görə də əhalinin böyük bir hissəsi Naxçıvanı tərk edib gedir. Bunun üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır. Qarsdan Naxçıvana dəmir yolu­nun çəkilməsi məsələsini biz çalışmalıyıq 2012-ci ildə həll edək ki, o, Bakı–Tbilisi–Qars dəmir yolu ilə eyni vaxtda istifadəyə verilsin.

Mən ipoteka ilə bağlı məsələni xüsusi vurğulamaq istəyi­rəm. Bu məsələni mənim deputat həmkarlarım da qaldır­dı­lar. Elman müəllim söylədi ki, minimum 80 milyon lazımdır ki, indi müraciət edənləri ipoteka krediti ilə təmin edək. Məsələn, mən bu büdcə layihəsinə səs verməyəcəyəm. Va­cib­dirmi ki, biz əsaslı investisiya qoyuluşuna mütləq 5 mil­yard 774 milyon manat pul ayıraq? Yaxşı olmazmı ki, bunu 500 milyon azaldaq, o vəsaiti dediyim sahələrə yönəldək?

Burada bələdiyyələrlə bağlı fikirlər söylənildi. Bələdiy­yə­lərə cəmi 3,5 milyon manat vəsait ayrılıb. Mən hesab edirəm ki, bu sahəyə ən azı 50 milyon manat vəsait ayırmaq lazım­dır. Kəndlərdə, qəsəbələrdə kəndarası yollar bərbad vəziy­yət­dədir. Yağış yağanda girmək mümkün olmur. Bu məsə­ləni həll etmək lazımdır.

Bundan başqa, Bakı artıq təhlükəli şəhərə çevrilib. Bura­da qətllər törədilir. Biz xarici mətbuatda oxuyuruq ki, ayrı-ayrı dövlətlər burada qətllər planlaşdırır. Mən vaxtilə məsələ qaldırmışdım ki, Təhlükəsiz şəhər proqramı çərçivəsində bü­tün Bakı çox qısa bir müddətdə təhlükəsizlik kameraları ilə təmin olunmalıdır. Bunu hətta bəzi sahibkarların, yeni bina tikən şəxslərin də üzərinə qoymaq olar.

Neft Fondunun pullarının Azərbaycana gətirilməsini mən alqışlayıram. Hesab edirəm ki, o pullar Azərbaycana gətiril­məli və istehsala yönəldilməlidir. Məsələn, Naxçıvanda bir avtomobil zavodu var. O zavodun avtomobillərini dövlət ehtiyatları üçün oradan almaq, oranı bir minik avtomobilləri mərkəzinə çevirmək lazımdır. Gəncəni yük avtomobilləri mərkəzinə çevirmək olar. Dövlət bu sahələrə xüsusi diqqət yetirsə, hesab edirəm ki, biz, doğrudan da, qeyri-neft sek­torunu ciddi şəkildə inkişaf etdirə bilərik.

Sonda mən Elman müəllimə müraciət edirəm. Azərbay­canda gündə bir bank bağlanır. Bank sektoru iqtisadiyyatın inkişafına yardım etməlidir. Banklara dəstəyi çox...

Sədrlik edən. Sağ olun. Tahir Süleymanov.

T.Süleymanov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri! Müstəqilliyimizin ilk illərində kəskin şəkildə tənəzzülə uğramış ölkə iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra onun apardığı dəqiq hesablanmış iqtisadi siyasət nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliye­vin rəhbərliyi ilə iqtisadiyyatımız daha da sürətlə inkişaf et­mişdir. Bu gün müzakirəyə təqdim olunan büdcə layihəsin­dən göründüyü kimi, 2012-ci ildə hökumətin diqqət yetirə­cə­yi məqamlar regionlarda və iqtisadiyyatın qeyri-neft sek­to­runda yeni müəssisələr yaratmaqla iqtisadi inkişaf tempini saxlamaq, rəqabətə davamlı məhsul istehsalı həcmini artır­maq­dır. 2012-ci ilin büdcə layihəsi ilə tanış olarkən onun bütün əvvəlki illərdə olduğu kimi, sosial yönlü və investisiya meylli hazırlandığını söyləmək olar. Fikrimcə, bu büdcə iqtisadi artıma yönəldilmişdir və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına xidmət eləyə bilər.

Bununla belə, büdcədə bir sıra məsələlər nəzərə alınmalı, hər şeydən əvvəl büdcə vəsaitinin özündən səmərəli istifadə edilməli, büdcə vəsaitinə dövlət nəzarəti gücləndirilməli və bu nöqteyi-nəzərdən büdcə siyasətinin vahid strategiyası hazırlanmalıdır. Büdcə vəsaiti artıq sürətlə artmadığına görə bu vəsaitin strukturunun təkmilləşdirilməsi istiqamətində iş­lə­rin görülməsi zəruridir. İlk növbədə bu büdcədə kənd tə­sər­rüfatına, səhiyyəyə, təhsilə, elmə, iqtisadiyyatın modern­ləş­dirilməsinə, informasiya-kommunikasiya texnologiyala­rı­na, regional inkişafa dövlət dəstəyinin artırılmasına ciddi ehtiyac vardır. Bu gün büdcənin artıq sürətlə artmadığını və bütün bu sadalanan məsələlərin həllinin büdcə üzərinə əlavə yük ola biləcəyini nəzərə alaraq özəl yerli və xarici investisi­yalardan və bank kreditlərindən də istifadəyə diqqəti artır­maq lazımdır.

Mən bu sırada kənd təsərrüfatına ayrılacaq vəsaitin artırıl­masına xüsusi önəm verilməsinin vacibliyini qeyd etmək is­tər­dim. Fikrimcə, kənd təsərrüfatına dövlət büdcəsindən ay­rı­lan dotasiyanın artırılmasına ehtiyac vardır. Mən kəndliyə dövlət tərəfindən verilən əkin pulunun məbləğinin bir qədər də artırılaraq ərzaq buğdası əkənlər üçün 80 manatdan 120 manata, digər kənd təsərrüfatı bitkilərini əkənlər üçün isə 40 manatdan 80 manata çatdırılmasını təklif edirəm. Bu ad­dım­la biz əkinçiliyi stimullaşdıra və kəndlini torpağa daha çox bağlaya bilərik.

Bundan əlavə, 2012-ci ilin büdcəsi ayrı-ayrı sahələr üzrə dövlət inkişaf proqramları ilə daha da uzlaşdırılmalı, şəhər və kəndlərimizin problemlərinin həlli sürətləndirilməlidir. Təhsil sisteminin və elmin maliyyələşdirilməsi daha da inki­şaf etdirilməlidir.

Təqdim olunan büdcə zərfinə Hesablama Palatasının ver­diyi rəy belə qənaətə gəlməyə imkan verir ki, büdcə kifayət qədər dəqiq hazırlanmışdır. Mən müzakirəmizə təqdim olu­nan büdcə zərfini hazırlayan bütün hökumət üzvlərinə min­nətdarlığımı bildirirəm. Onlara həm dövlət büdcəsinin icra­sın­da, həm də çox vacib fəaliyyətlərində uğurlar arzulayı­ram. 2012-ci ilin dövlət büdcəsinin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də büdcə la­yihəsinə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Bu büdcə Azərbaycan Prezidentinin həyata keçir­diyi iqtisadi islahatların bariz nümunəsidir. Məhz bu iqtisadi islahatların nəticəsidir ki, bu gün Azərbaycanın büdcəsi gü­nü-gündən inkişaf edir, artır, təkmilləşir və gələcək proqnoz­ların həyata keçirilməsi üçün vacib olan bir sənəd kimi xal­qın rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Burada həmkarlarımızdan biri qeyd elədi ki, büdcə siyasi-ideoloji məsələ deyil, iqtisadi məsələdir. Büdcə elə birinci növbədə siyasi-ideoloji məsələdir. Büdcə dövlətin siyasi və iqtisadi proqramının həyata keçirilməsinin əsas bazasıdır. Büdcə həm siyasidir, həm ideolojidir, həm də iqtisadidir. Dövlət onun sayəsində öz iqtisadi siyasətini həyata keçirir. Başqa bir forma ola bilməz.

Burada ictimai müzakirələr haqqında fikir söylənildi. Bu, “Siyasi partiyalar haqqında” Qanun deyil, “Sərbəst toplaş­maq azadlığı haqqında” Qanun deyil. Bu, büdcədir. Büdcə­nin layihəsi Maliyyə Nazirliyi tərəfindən uzun müddət inter­net səhifələrində yerləşdirilibdir. Ona on minlərlə, yüz min­lərlə insan baxa bilir, kimin nə fikri, rəyi varsa, göndərə bi­lir. Bu o cümlədən qəzetlərdə də dərc olunubdur. Deməli, qəzetlərdə də münasibət bildirilə bilər. Guya 60 nəfər adamı bura yığıb bir müzakirə keçirmək ictimai müzakirədir? Axı elə o adamlardan da hansının büdcə ilə bağlı arzusu, rəyi, istəyi varsa, internet vasitəsi ilə Maliyyə Nazirliyinə və ya­zılı şəkildə digər orqanlara göndərə bilər.

Burada belə bir fikir də söylənildi ki, vəsaitlər ancaq gəlir gətirən yerlərə qoyulmalıdır. Qəribədir, deməli, biz körpü tikməməliyik ki, o, gəlir gətirmir və ya əhalinin rifah halının yaxşılaşdırılması, hərəkət sərbəstliyinin təmin edilməsi üçün yol çəkməməliyik ki bu, gəlir gətirmir, yaxud övladlarımızın təhsil alması üçün məktəb tikilməməlidir ki, bu da gəlir gə­tir­mir. Mən başa düşmürəm, hansı düşüncə ilə belə fikir söy­lənilir. Layihələr var ki, ora investisiya qoyulur, gəlir gö­türü­­lür, layihələr var ki, bilavasitə xalqın tələbatına xidmət edən xəstəxana, məktəb, yol, körpü kimi obyektlərin tikil­mə­sini, bağların, parkların salınmasını nəzərdə tutur. Onlar gəlir gətirən obyektlər deyil. Kim isə özünün obyektləri ilə onları səhv salmasın. Bu, xalqın sağlamlığını, təhsilini, hərə­kətini, rahatlığını, istirahətini təmin etmək üçün həyata keçirilən layihələrdir və bunlara hökmən investisiya qoyul­malıdır.

Digər tərəfdən, deyirlər ki, investisiya qoyulur, gəlir gətir­sin, bizdə isə hələ gəlir gətirdiyini görmədiyimiz investisiya xərcləri çoxdur. Bu gün SOCAR transmilli şirkətə çevrilib və artıq dünyanın ayrı-ayrı ölkələrində investisiyalar yerləş­dirir. Bu, bazardan alma almaq demək deyil. İllər lazımdır ki, alma ağacını yetişdirib onun məhsulundan istifadə eləyə­sən. 1994-cü ildə biz neft müqavilələrini bağlayandan dərhal sonra ölkəmiz gəlir götürmədi ki. 2003-cü ildən gəlir gəlmə­yə başladı və qoyulan investisiya uzun müddət sonra özünü doğrultdu.

Keçən həftə cənab Prezident regionlara səfər etdi. O, yeni texnologiyaya əsaslanan onlarca istehsal müəssisəsinin açılı­şın­da iştirak elədi. Bəs bu nədir, regionların inkişafı deyil? Həmin müəssisələrin hərəsində 150, 300, 500 insan çalışır. Bu, qeyri-neft sektoru deyil?

Deyirlər, nefti gələcək nəsillərə saxlayaq. Oqtay müəllim bunu deyənlərə bayaq çox yaxşı cavab verdi. Dedi, nefti gə­lə­cək nəsillərə də saxlayırıq. Amma bugünkü nəsil məgər azərbaycanlılar deyil? Bugünkü nəsil acından ölsün ki, gələ­cək nəsillərə neft saxlayırıq? Bu elə həmin neftdən alınan gə­lirdir ki, investisiya qoyulur da. 5 mindən artıq tələbənin xaricdə təhsil alması neftdən gələn gəlirin insan potensialına çevrilməsi demək deyil? Bunlar hamısı texnika və texnolo­giyaların ən son nailiyyətlərini tətbiq eləməklə gələcəkdə Azər­baycanın yeni iqtisadi siyasətinin inkişafına təkan verə­cəkdir.

Mən müqayisə aparmaq istəmirəm. Amma bir misal çəkə­cəyəm. Liviya vaxtilə pulu neft fonduna yığdı. İndi Liviya­nın pulunu Yunanıstana veriblər ki, Yunanıstan acından ölür. Liviya xalqının varı getdi Yunanıstanın hesabına. Bu gün Azərbaycanda ən düzgün neft strategiyası həyata keçi­rilir və neftdən gələn gəlirlərin sərf olunmasında Azərbaycan nümunədir. Beynəlxalq Valyuta Fondu da, Dünya Bankı da dəfələrlə təsdiq eləyibdir ki, neft gəlirlərindən ən düzgün istifadə eləyən və bu sistemi ən düzgün aparan Azərbay­can­dır. İndi kim hansısa müxalifət qəzetindən bir tezis götürüb əlində bayraq edirsə, hesab edirəm, bu, əsas deyil. Mən büd­cə layihəsinə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Sağ olun.

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Etibar Hü­sey­nov.

E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən qeyd etmək istəyirəm ki, biz Milli Məclis olaraq bütün zaman­lar­da çox məhsuldar fəaliyyət göstərmiş və bir-birindən çeşidli, rəngarəng qanunlar qəbul eləmişik. Bu yaxınlarda hətta biz, deyəsən, arıçılıq haqqında da qanun qəbul elədik.

Ancaq çox təəssüf ki, bizdə hələ də milli qəhrəmanların statusu haqqında qanun qəbul edilməyib. Azərbaycan Res­pub­likasının milli qəhrəmanları, onların ailələri heç bir sta­tusa, heç bir hüquqa malik deyillər. Nə vaxtsa müharibə zo­nasından hamıdan qabaq qaçıb gəlmiş insanların Bakıda cah-calallı sarayları olsa da, bu gün gedib qapılarını döyüb onlardan su pulu, işıq pulu istəyəndə çıxardıb kitabça göstə­rir, 5-10 manat kommunal haqqını ödəmirlər. Halbuki həmin o 5-10 manata görə milli qəhrəmanların ailələrinin işıqları, qazları kəsilir. Burada üzümüzü ağardan bircə şey var ki, o da 2005-ci ildə ölkə Prezidentinin milli qəhrəmanlar üçün 600 manat həcmində ayırdığı pensiyadır.

Bu sahədə bir qanuna böyük ehtiyac var. Çünki ayrılan bu pensiya da özlüyündə müxtəlif problemlər yaradıb. Əvvəla, o, ötən 5–6 il ərzində inflyasiya nəzərə alınaraq artırılma­yıb­dır. Digər tərəfdən, bilirsiniz ki, əgər milli qəhrəman sağdır­sa, pensiya onun özünə, vəfat edib və ya həlak olubsa, həyat yoldaşına verilir. Onun həyat yoldaşı sabah ailə qurub başqa yerə köçürsə, təsəvvür edin ki, bu puldan onun təzə əri və bu ərdən olan yeni uşaqları bəhrələnirlər. Ancaq onu doğub dünyaya gətirən, böyüdən, qəhrəman kimi yetişdirən anası, atası, doğma övladları bu puldan bəhrələnə bilmirlər. Ona görə də mən düşünürəm ki, biz yaxın müddətdə milli qəh­rəmanların statusu haqqında qanun qəbul etməliyik və on­ların pensiyalarının artırılması büdcədə mütləq öz əksini tapmalıdır.

Mənim bir təklifim də ön cəbhədə xidmət eləyən əsgərlə­rimiz barədədir. Təsəvvür edin, bu gün əgər ön cəbhədə xid­mət eləyən zabitin maaşı digər yerdə xidmət eləyən zabitin maaşından fərqlənirsə, ön cəbhədə hər dəqiqəsi, hər saniyəsi ölüm riski olan əsgərlə Bakının mərkəzində xidmət edən, həf­tə səkkiz, mən doqquz evdə olan, valideynləri böyründə olan əsgər arasında heç bir fərq qoyulmur. Onun nə maaşın­da, nə məzuniyyətində, nə də çəkdiyi hərbi xidmətin müddə­tində bir fərq var. Bu çox böyük ədalətsizlikdir. Hesab edi­rəm ki, biz gecə-gündüz keşiyimizdə durub, ölümlə üz-üzə dayanan əsgərlərə diqqəti artırmalıyıq. Onların aylıq maaş­ları da, məzuniyyət müddətləri də artırılmalı və ən əsası, hərbi xidmət müddəti mərkəzdə və cəbhə xəttindən qıraqda xid­mət eləyən əsgərlərin hərbi xidmət müddətindən az olmalıdır.

Onu da qeyd edim ki, məsələn, Əfqanıstan müharibəsinin, Çernobıl qəzasının iştirakçıları müəyyən müavinətlər, pensi­yalar aldıqları, bir sıra hüquqlara, güzəştlərə malik olduqları halda milli qəhrəmanlarımızın və ön cəbhədə xidmət eləyən əsgərlərimizin heç bir hüququ, imtiyazı yoxdur. Biz hər şe­yə, hər kəsə pul tapırıq. Eks-prezidentlərə görünməz güzəşt­lər elədik, pullar ayırdıq. Olmazmı ki, milli qəhrəmanlarımız ailə həyatı quranda, dünyaya uşaqları gələndə onlara bir güzəşt verilsin, onlar ildə bir dəfə təyyarədən, nəqliyyatdan pulsuz bəhrələnsinlər? Olmazmı ki, ön cəbhədə xidmətini başa vuran əsgərlərimiz üçün hansısa bir medal, yaxud döş nişanı təsis olunsun ki, onlar başqa yerlərdə xidmət eləmiş əsgərlərdən nə iləsə fərqlənsinlər və evə qürurla dönsünlər? Özümüz görmüşük ki, Böyük Vətən müharibəsinin iştirakçı­ları hətta xatirə medallarını son günlərinə qədər nə qədər fəxarətlə gəzdirirlər. Hesab edirəm, biz milli qəhrəmanla­rımıza, o cümlədən ön cəbhədə xidmət eləyən əsgərlərimizə diqqət ayırmalıyıq ki, onlar...

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.

V.Əhmədov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hör­mətli millət vəkilləri, hörmətli mətbuat! 2012-ci ilin döv­lət büdcəsi ilə əlaqədar mənim suallarım çox idi. Mən Elman Rüstəmova öz minnətdarlığımı bildirirəm ki, müəy­yən suallara aydınlıq gətirdi, o cümlədən cənab Prezidentin 10 illik strateji proqramı ilə əlaqədar məlumat verdi.

Dövlət büdcəsi normaldır. Dünyada gedən maliyyə böh­ranı ilə əlaqədar olaraq belə bir büdcənin Milli Məclisə təq­dim edilməsini mən yüksək qiymətləndirirəm. Amma bu­nun­la belə, mən də bir sıra məqamlara dair mövqeyimi bil­dirmək istəyirəm.

Dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun təx­mi­nən 37,8 faizini təşkil eləyir. O cümlədən qeyri-neft sek­torunun ümumi daxili məhsuldakı çəkisi 2011-ci illə müqa­yisədə 10 faiz artıb. Bunlar hamısı çox gözəl. Lakin dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar ümumi daxili məhsula nisbətdə ilbəil azalır. Keçən dəfə mən komitənin iclasında da bu məsələni qaldırdım. Rəqəmlər var: 2010-cu ildə 19,3 faiz, 2011-ci ildə 18,2 faiz, 2012-ci ildə 17,7 faiz. Əgər biz qeyri-neft sektorunu ilbəil artırırıqsa, ümumi daxili məhsulun hesabında bu sektordan vergilər niyə azalmalıdır? Bu çox ciddi məsələdir. Bunun üzərində işləmək lazımdır.

Burada yerli gəlirlərlə əlaqədar məsələ qaldırdılar. Komi­tədə biz də bu məsələyə bir neçə dəfə toxunmuşuq. Bəli, yer­li gəlirlərlə əlaqədar problemlər var. Amma bu problemi həll edən rayonlar, şəhərlər də var. Sumqayıt şəhəri, Abşe­ron rayonu artıq 2012-ci ildə bütün büdcə xərclərini yerli gəlirlər hesabına maliyyələşdirəcəklər. Məsələn, Abşeron ra­yonu 2011-ci ildə 24,6 milyonun 6 milyonunu mərkəz­ləş­dirilmiş büdcə hesabına alıbdır. Amma 2012-ci ildə mərkəz­ləşdirilmiş büdcədən heç bir manat da almayacaq. Ona görə də bu rayonun təcrübəsini, mənə elə gəlir ki, öyrənməyə çox böyük ehtiyac var. Yerli gəlirlərdən söhbət düşmüşkən, bir sıra gəlir formalarının yerli icra hakimiyyəti orqanlarına ve­rilməsinə baxmayaraq, ona yaxın rayonda bunun əksi hiss olunur. Bu da Hesablama Palatasının rəyində öz əksini tapıb.

Gəlirlərin əsas hissəsi dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən keçirilir. Dövlət Neft Fondundan transferləri nə­zə­rə almasaq, bu rəqəm təxminən 81,3 faizdir. Amma Döv­lət Neft Fondundan biz 60,3 faizi, yəni 10 milyard manata yaxın trans­feri nəzərə alsaq, tamamilə başqa göstəricilər əldə edirik. Yəni hər il olunan transferə baxsaq, görərik ki, dövlət büdcəsinin daxilolmalarında Vergilər Nazirliyinin payı azal­maqdadır. Mən komitənin iclasında da bunu dedim. 2009-cu ildə daxilol­malar 39,8 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 32 faiz proqnozlaşdırılır. 7 faiz niyə aşağı düşməlidir? Bu, bir daha arxayınlıq yaradır ki, əgər vergilər yerinə yeti­rilməsə, Dövlət Neft Fondundan istənilən qədər transfer et­mək mümkündür.

Digər tərəfdən, – Hesablama Palatasının rəyində də göstə­rilir, – vergi ödəyicilərinin borcları təxminən 3,8 milyard manata bərabərdir. Düzdür, son illər bir qədər azalıb. Bunun da 1,5 milyard manatı əlavə dəyər vergisidir. Bunun struk­turuna baxanda görürük ki, bunun da 74 faizi özəl təşkilat­lar­­dır. Allah bilir, bunlar restoranlardır, özəl şirkətlərdir, nə­dir. O strukturu bilmirəm. Bunun üzərində çox ciddi işləmək lazımdır. Yəni vergilərin dövlət büdcəsinə daxil olmasında ciddi problemlər var. Mən deyərdim ki, bu, ehtiyat bir hissə kimi Vergilər Nazirliyi tərəfindən işlənməlidir.

Bayaq burada Elman Rüstəmov çox gözəl çıxış elədi. Ümumiyyətlə, Azərbaycanın vergi siyasətində müəyyən də­yi­şikliklər etmək lazımdır. Biz vergiləri azaltmağa qorxuruq. Yadınıza gəlirsə, 2 il bundan qabaq mənfəət vergisini, o cümlədən fiziki şəxslərdən gəlir vergisini azaltdıq. Qaldırın sənədləri, rəqəmlərə baxın. 2011-ci ildə də, 2012-ci ilin proqnozunda da heç bir azalma yoxdur. Niyə biz əlavə dəyər vergisini azaltmağa çalışmırıq? Axı bu vergini ildə bir faiz azaltmaqla bu vergidən yayınmanın qarşısını, heç olmasa, müəyyən qədər ala və insanlar üçün müəyyən şərait yarada bilərik. Ümumiyyətlə, vergi siyasəti ilə əlaqədar müəyyən problemlər var. Mən belə hesab edirəm ki, vergi siyasəti ilə əlaqədar bu problemləri həll eləmək lazımdır.

Ümumiyyətlə, indiki iqtisadi böhran şəraitində dövlət büd­­cəsinin belə bir formada bizə verilməsinə, o cümlədən He­sablama Palatasının rəyinə görə cənab Samir Şərifova, eləcə də Heydər Əsədova öz dərin minnətdarlığımı bil­di­rirəm.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Bir dəqiqə. Sözünüz var, İmamverdi müəl­lim? Söz istəyirsən, vaxtında yazıl. Yerindən danışma, xahiş edirəm. Cavabı veriləcək onun. Eldar İbrahimov.

E.İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputat həm­karlarım! Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün hörmətli Prezidentimiz İlham Əliyev tə­rə­findən uğurla davam etdirilən iqtisadi strategiyanın və neft-qaz siyasətinin nəticəsidir ki, ölkəmizin maliyyə imkan­ları ildən-ilə artır. Bu isə respublikamızda sosial və investi­si­ya yönlü iri layihələrin həyata keçirilməsinə böyük imkanlar verir. Çox xoş haldır ki, Naxçıvan, Abşeron, Qəbələ və bir sıra digər rayonlar artıq öz gəlirləri hesabına özlərini təmin edə bilirlər. Hörmətli həmkarım Ziyad Səmədzadə, maliyyə nazirimiz Samir Şərifov və Hesablama Palatasının sədri hör­mətli Heydər Əsədov büdcənin bütün parametrlərini hərtə­rəf­li və dərindən təhlil edərək əsaslandırılmış rəy və təklif­lərini bildirdilər. Bununla yanaşı, mən də bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm.

2012-ci ilin büdcəsində ölkə iqtisadiyyatının bütün sahə­lərində olduğu kimi, aqrar sahədə də büdcə xərclərinin artı­mı nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, hazırda dünyada narahatlıq doğuran qlobal problemlərdən biri əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Fərəhli haldır ki, respubli­ka­mızda belə bir problem yoxdur. Ölkəmiz həmin məsələnin həllində dünya iqtisadiyyatına öz töhfəsini vermək iqtidarın­dadır. Bunu hörmətli Prezidentimiz İlham Əliyev də dəfə­lərlə vurğulayıb. Biz xarici ölkələrə kənd təsərrüfatı məhsul­ları, xüsusilə ekoloji təmiz məhsullar ixrac etmək üçün əməli tədbirlər görməliyik. Bu məqsədlə, yaxşı olar ki, başqa ölkə­lərdə olduğu kimi, dövlət büdcəsində ekoloji təmiz kənd tə­sərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq üçün əlavə vəsait ayrılması nəzərdə tutulsun.

Təqdim olunmuş büdcə zərfində ölkədə toxum istehsalı­nın tədarükünü və istifadəsini tənzimləmək üçün əsas priori­tet­lərdən biri kimi orijinal, super elit və elit toxumlarının is­tehsalının özəl toxumçuluq təsərrüfatlarında həyata keçiril­mə­sinin dəstəklənməsi göstərilir. Bildirirəm ki, bu yanaşma düzgün deyil. Bu məsələ dövlət və bu fəaliyyət növü ilə məş­ğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlə­rində həyata keçirilməlidir.

Hörmətli həmkarlar və hökumət üzvləri! Azərbaycan Pre­zidenti cənab İlham Əliyev növbəti 10 il ərzində ümumi da­xili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı qarşıya hədəf qoymuşdur. Qeyri-neft sek­torunun prioritet sahələrindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün, hesab edirik ki, investisiya qoyuluşu artırılmalı və əsasən, emal, kənd təsər­rü­fatı, maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahə­lərinin inkişafına yönəldilməlidir.

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Daxili və xa­rici bazarlara rəqabət qabiliyyətli məhsullar çıxarmaq üçün ilk dövrlərdə dövlət büdcəsindən maliyyələşən infor­masiya-məsləhət xidmətinin yaradılması və genişləndiril­mə­sinə böyük ehtiyac vardır. Fermerlərin səmərəli fəaliyyət göstərməsi təmin edilənədək onlara əməli kömək göstərmək üçün, hesab edirəm ki, aqrolizinqin şərtləri yumşaldılmalı və aqroservis xidmətlərinin tarifləri aşağı salınmalıdır ki, bu fəaliyyət, əsasən, sahibkarlığın inkişafına və ərzaq bazarında məhsul bolluğunun yaradılmasına xidmət etsin.

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatı məhsulları is­teh­salı ilə, əsasən, ailə-kəndli təsərrüfatları məşğul olur. Mü­vafiq qanuna və Prezidentin müvafiq fərmanına uyğun ola­raq ailə-kəndli təsərrüfatı üzvlərinin statusunu, əmək fəaliy­yə­tini və əmək stajını təsdiq edən vəsiqənin forması və veril­məsi qay­dası haqqında Nazirlər Kabinetinin qərarına əsasən bu sə­nə­din hazırlanması müvafiq bələdiyyələrə həvalə edil­mişdir. Lakın bələdiyyələrin vəsaitləri olmadığına görə bu məsələ öz həllini tapmamışdır. Ona görə də xahiş edirəm ki, bələdiy­yə­lərə müvafiq vəsaitin ayrılmasına köməklik göstə­rilsin.

Bildirirəm ki, bütün ölkələrdə aqrar sektor dotasiya ilə iş­ləyir. Ölkəmizdə də bu istiqamətdə əsaslı işlər görülür. Bu­nun­la belə, nəzərə almaq lazımdır ki, respublikamız kənd tə­sər­rüfatı texnikasının istehsalı ilə məşğul olmur və xaricdən alınan bu texnikanın qiyməti ilə kənd təsərrüfatı məhsulla­rının qiyməti arasında böyük fərq, disparitet mövcuddur. Ona görə də aqrar sahədə vergi ödəmələrinin bərpasına yox, dövlət dəstəyinin davam etdirilməsinə və genişləndiril­məsi­nə ehtiyac vardır.

Dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhran davam etdiyi bir şəraitdə bu gün müzakirə etdiyimiz büdcə layihəsi sosial yönümlü və investisiya tutumlu olmaqla yanaşı, yüksək ar­tım tempi və daha şəffaf olması ilə fərqlənən bir dövlət ma­liyyə sənədidir. Mən bu büdcəyə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Bahar Muradova buyursun.

B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mənim fik­rimcə, iki gün ərzində gedən müzakirələr onu göstərir ki, Azərbaycan hökuməti ölkənin malik olduğu bütün mən­bə­lər­dən daha səmərəli faydalanmaq sayəsində əldə olunacaq gəlirləri yeni, əlavə sahələrin inkişafına yönəltmək istiqamə­tin­də növbəti bir planını bizim müzakirəmizə təqdim edib. Mən həmkarlarımın bu büdcənin Azərbaycanın bütün iqtisa­di, siyasi və sosial maraqlarının reallaşmasına yönələn bir sənəd olduğu barədə fikirlərini dəstəkləyirəm və onlara şə­rikəm.

Mən hər şeydən əvvəl bizi obrazlı danışmaqda ittiham edən­lərin bədii ritorikasına cavab olaraq onu demək istəyi­rəm ki, bura Milli Məclisdir. Heç kəs düşünməsin ki, o bura­da monoloq oxuyur. Çünki hər deyilən sözün düz cavabı vardır. Ona görə də həddindən artıq məsuliyyətli və diqqətli olmaq lazımdır.

Bu gün biz öz siyasi ambisiyalarımızı reallaşdırmaq üçün burada əyləşməmişik. Bizi seçib bu parlamentin üzvü edən Azərbaycan xalqının müəyyən qruplarının, ayrı-ayrı bölgələ­rin və bütövlükdə Azərbaycan dövlətinin maraqlarının real­laşması istiqamətində fəaliyyət göstəririk. Ona görə də fikir­lərimizi ifadə edərkən elə sözlər, ifadələr seçməliyik ki, biri­nin hüquqlarını qorumağa qalxdığımız halda milyonların hey­siyyətinə toxunmayaq. Ermənistandan, habelə Azərbay­canın Qarabağ bölgəsindən olan qaçqın və köçkünlər, sadə­cə, Bakını görmək üçün bura qaçıb gəlməyiblər. Vəziyyət onları buna məcbur edib. Ona görə də onlar haqqında səslən­dirdiyiniz fikirlərdə həddindən artıq ehtiyatlı olmağınızı xahiş edərdim.

Mən həmkarlarımın həyəcanını başa düşür və qəbul edi­rəm. Çünki bu hissləri yaşamadan onun necə təsir etdiyini anlamaq mümkün deyil. Əgər Azərbaycan vətəndaşları hansı bölgədən qaçqın, köçkün düşməklərindən asılı olmayaraq Bakı şəhərində, bu cür çətin bir şəhərdə özlərinə yer tuta biliblərsə, Siz deyən kimi özlərinə villa tikə biliblərsə, nə isə şərait yarada biliblərsə, bununla da hökumətin yükünü bir qə­dər azaldıb, 3-5 adama çörək pulu qazanmaq imkanı yara­dıblarsa, deməli, onlar bacarıqlı adamlardır. Onlar, Sizin tə­bi­rinizcə desək, qaçıb gəldikləri bölgələrdə əmlaklarını, mülk­­lərini qoyublar. Onun əvəzində bu gün yeni bir mülkiy­yət yaradıblar və ona da sahibdirlər. Yox əgər onlar qaz pu­lunu, işıq pulunu vermirlərsə, bu, artıq başqa söhbətin möv­zu­sudur və mən hesab edirəm ki, onlar tək deyillər. Bu re­gion­da, Bakı şəhərində yaşayıb, yüksək imkanlara malik olub öz vətəndaş öhdəliklərini yerinə yetirməyən insanlar kifayət qədərdir. Gəlin fərq qoymadan onların hamısına eyni mövqe sərgiləməyi öyrənək və millət vəkili kimi məsuliyyə­timizi dərk edək.

Burada milli qəhrəmanlardan danışıldı. Milli qəhrəmanlar bizim and yerimizdir və onlar haqqında deyilənlər bizim müqəddəs hisslərimizə təsir edir. Əgər hansısa təklifiniz varsa, vəziyyəti bəzəməklə məşğul olmaq lazım deyil, təklifi konkret şəkildə irəli sürmək və özünün qanunvericilik təşəb­büsü subyekti olduğunu dərk edərək qanun layihəsi təqdim etmək lazımdır.

O ki qaldı onların statusunun qeyri-müəyyən olmasına, bu status müəyyəndir. Bu barədə ölkə Prezidentinin sərəncam­ları, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar var. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və onlara bərabər tutulan şəxslərin statusu qanunla tənzim­lənir. Hansısa boşluqlar varsa, gəlin onunla bağlı təklifləri­mizi verək. Mən başqa fikirlər səsləndirəcəkdim, sadəcə, bu çıxış məni bir az başqa istiqamətə yönəltdi.

Regionların inkişafı ilə bağlı. Bu gün regionlarımız, doğ­rudan da, böyük sürətlə inkişaf edir. Onların arasında işğal­dan azad olunmuş Füzuli bölgəsi də var. Mən sizə deyim ki, bu bölgə çox ağır və çətin bir şəraitdədir. Düşmənlə təmas xət­tinə yaxın ərazidə yaşayan, hər gün öz əzizlərini, yaxın­la­rını itirən bu insanlar bu bölgəni dirçəldir, qurur, tikirlər. Azər­baycan hökumətinin, ölkə Prezidentinin ciddi qayğısı nəticə­sində burada çox böyük işlər görülüb, dövlət proqra­mı­na uy­ğun olaraq qəsəbələr salınıb, yüksək standartlara ca­vab verən infrastruktur obyektləri tikilib, insanların həyat şəraitinin tə­min olunması üçün lazım olan bütün addımlar atılıb.

Mən niyə bu mövzuya toxunuram? Çünki bu sahə, doğ­ru­dan da, Azərbaycan dövlətinin prioritet sahələrindən biridir və bu bölgə həm siyasi, həm də iqtisadi məna daşıyır. Ona görə də buna çox ciddi diqqət yetirmək lazımdır. Ölkə Pre­zidenti son vaxtlar üç dəfə Füzuli bölgəsində olub. Mən Fü­zuli bölgəsi deməklə öz regionumu qabartmaq istəmirəm. Bu, sadəcə, cəbhə bölgəsidir, təmas xəttidir. Bu, işğaldan azad olunmuş regiondur. Burada görülən işlər, əldə olunan uğurlar hər kəsə aiddir və heç kəs düşünməsin ki, o mənim dairəmdir deyə mən bu fikirləri səsləndirirəm. Buradakı nə­ti­cələr həm də dünyaya bir mesajdır. Ölkə Prezidenti bura səfərlər edərkən çağırış etmişdir ki, Horadiz şəhər olubdur, Horadiz şəhər kimi inkişaf etməlidir. Bunun üçün də Pre­zi­dentin ehtiyat fondundan bir neçə dəfə müvafiq vəsait ayrı­lıb. Bölgə kifayət qədər abadlaşdırılır, inkişaf etdirilir.

Bir məsələni qeyd etmək istəyirəm. Bu vaxta qədər bu böl­gədə fəaliyyət göstərən dövlət orqanlarında, icra haki­miy­yəti orqanlarında işləyən işçilərin heç biri heç zaman öz maraqlarına aid olan məsələləri dövlət orqanları qarşısında qaldırmayıbdır. Düşünüblər ki, əgər insanlar hələ tam məs­kun­laşmayıblarsa, evlə, işlə təmin olunmayıblarsa, onların sosial problemləri həll olunmayıbsa, öz iş şəraitləri ilə bağlı məsələləri qaldırmaq məqsədəuyğun olmazdı və mənəvi cəhətdən onların buna haqqı yoxdur.

Bu gün bu bölgədə xeyli işlər görülüb. Amma dövlət or­qanlarının bir neçəsini çıxmaq şərti ilə bu ərazidə olan yerli təşkilatların heç birinin inzibati binası yoxdur. Bəzi idarələr var ki, balaca bir otağa sığınıb, digərləri dəmir vaqonda və hətta əvvəllər adını demək istəmədiyim obyekt olan yerlərdə yerləşir. Yəni bu insanlar, sadəcə, dövlət qulluqçusu olduq­ları və öz vəzifə səlahiyyətlərini dərk etdikləri üçün bu mə­sələləri qaldırmayıblar və bu gündən sonra da qaldırma­ya­caqlar.

Amma bu məsələni mən neçə dəfə aidiyyəti qurumlar qar­şı­sında qaldırmışam. Bu ilin əvvəlində mən bütün nazirlik­lə­rə məktubla müraciət etmişəm ki, siz cənab Prezidentin çağı­rışına cavab verin və bu bölgədə yerli təşkilatlarınızın inzi­bati binalarını tikin. Çünki bu dövlət qulluqçusunun da haqqı var ki, normal bir yerdə işləsin. Dövlət qulluqçusu vətəndaşı normal bir idarədə qəbul etməlidir. Əgər prokurorluq və di­gər hüquq mühafizə orqanları uşaq bağçasının uyğunlaşdırıl­mış binasında yerləşirsə, onda burada müttəhimə oxunan hök­mün aliliyinə və dövlətin gücünə inam müəyyən mənada sarsılır. Çox sağ olsun milli təhlükəsizlik naziri, mənim mü­ra­ciətimi nəzərə alıb, tapşırıq verib və artıq o inzibati bina­nın tikintisi başa çatmaq üzrədir. Daxili işlər naziri dərhal bu müraciətə cavab verdi və artıq bu ilin proqramında var, orada yüksək səviyyədə inzibati bina tikiləcək. Baş prokuror müsbət cavab verdi, amma hələ məlumatım yoxdur, bu ilin proqramına daxil edilib, edilməyib.

Mən əlaqədar dövlət orqanlarının rəhbərlərinin burada iş­ti­rak etməsindən istifadə edərək xahişimi bir daha səslən­dir­mək istəyirəm. Mən büdcədə əlavə vəsait istəmirəm. Sadəcə, sizə ayrılan, bu sahələrə ayrılan vəsaitdən hansı rayona gön­dərəcəksinizsə, onun yerini Füzuliyə dəyişin. Mənim xahi­şim bundan ibarətdir. Horadizdə Vergilər Nazirliyinin, İqti­sadi İnkişaf Nazirliyinin, Ekologiya və Təbii Ehtiyatlar Na­zirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Statistika Komitə­sinin, Milli Arxiv İdarəsinin strukturuna daxil olan təşkilat­ların binaları tikilməlidir. Mən söyləməyi unutdum ki, Misir müəllim Təhsil şöbəsinin binası ilə bağlı müvafiq addımlar atıb və artıq o bina da tikiləcəkdir. Mən çox xahiş edirəm ki, əlaqədar qurumların rəhbərləri mənim bu xahişimə və cənab Prezidentin “Horadiz şəhər kimi inkişaf etməlidir” çağırışına cavab versinlər. Horadiz şəhər kimi inkişaf etməlidirsə, de­məli, ilk növbədə bu binalar orada tikilməlidir.

İki məktəbin – Böyük Bəhmənli kənd məktəbinin və 1 nöm­rəli Horadiz şəhər orta məktəbinin əsaslı təmir planına salınmasını xahiş edərdim. Bütün rayon ərazisində yalnız bir kəndin – Molla Məhərrəmli kəndinin məktəbi yoxdur. Mən çox xahiş edirəm, bu məktəbin tikintisi ilə əlaqədar müvafiq tədbirlər görülsün.

Füzuli müəllim, Sizə müraciət etmək istəyirəm. Mənim məktubum Sizə gəlmişdi. Qarabağ əlilləri və şəhid ailələri üçün çoxmərtəbəli binanın tikintisi həm şəhərin infrastruk­tu­runa xidmət göstərər, həm də əhalinin mənzil problemini həll etmiş olar.

Mən Əli Həsənova təşəkkür edirəm ki, o, qaçqın və köç­kün­lərin – öz ev-eşiyindən didərgin düşmüş, bu gün lazım oldu-olmadı əsassız həqarətlərə məruz qalan bu insanların problemlərini daha sürətlə, daha çevik həll etmək üçün səy­lərini əsirgəmir və Prezidentin tapşırıqlarının yüksək səviy­yədə yerinə yetirilməsini təşkil edir.

Burada məsələ qaldırıldı ki, universitetlərin yataqxanaları özlərinə qaytarılmalıdır. Mən də bu fikrin tərəfdarıyam, qay­tarılsın. Amma o şərtlə ki, həmin yataqxanalarda məskunlaş­mış insanlar üçün dövlət proqramında müvafiq maddələr nəzərdə tutulsun və onların məskunlaşması məsələsi müvəq­qəti də olsa həll olunsun.

Bəhramtəpə–Füzuli yolu barədə burada dəfələrlə məsələ qaldırılıb. Mən bu məsələni vaxtilə qurumlararası daxili ya­zış­malarda həll etməyə çalışsam da, istəyimə nail ola bilmə­mişəm. Bəhramtəpə–Füzuli yolu bir neçə rayonu və bu ra­yonların ərazisindəki kəndləri birləşdirir.

Bu gün bəziləri bu obyektlərin tikintisinin, belə inves­ti­siya layihələrinin gəlir gətirmədiyini söyləyirlər. Amma mən onu demək istəyirəm ki, bu yolla daha sürətlə gedən maşın daha az benzin işlədəcək, bu yolla öz işinin arxasınca gedən bir sahibkar məhsulunu daha yaxşı daşıyacaq, mənzil başına daha tez çatacaq. Bu yolun ətrafında yaşayan insanlar bir sıra problemlərini daha tez həll edəcəklər. Deməli, bu yol dolayısı ilə də olsa, bizə gəlir gətirəcəkdir. Kim isə bunları gəlir gətirməyən sahələr hesab edirsə, çox böyük səhv edir.

Azərbaycan Prezidenti, Azərbaycan hökuməti Azərbayca­nın inkişafı üçün lazım olan bütün addımları atır. Mən bu büdcə layihəsinin qəbul olunmasının tərəfdarıyam və həm­kar­larımı da onun qəbul olunmasına səs verməyə çağırıram. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Aqiyə Naxçı­van­lı buyursun.

A.Naxçıvanlı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Respub­li­ka­sının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kurs nəticəsində 2012-ci ilin dövlət büdcəsi 20 il ər­zində ölkəmizdə əldə olunan bütün nailiyyət və təcrübəni özün­də əks etdirib. Burada səslənən fikirlərin nəzərə alın­masına ümid edərək, təqdim olunan büdcə layihəsini bütöv­lükdə müsbət qiymətləndirirəm.

Bununla belə, bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Məlum olduğu kimi, noyabrın 18-də cənab Prezident Oğuz rayonunda dördüncü dəfə səfərdə olmuşdur. Onun hər bir rayona səfəri insanlarda yüksək əhvali-ruhiyyə yaradır. Bu səfər də belə olmuşdur. Ona görə də mən seçicilərim adın­dan cənab Prezidentə diqqət və qayğısına görə minnətdarlı­ğımı bildirirəm.

Cənab Prezident Oğuzdakı çıxışında qeyd etmişdir ki, Oğuz qısa müddətdə Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməli, qazlaşdırılmanın səviyyəsi qısa müddətdə 90 faizə çatdırılmalı, yeni məktəblərin tikintisi daha da sü­rət­ləndirilməli, kənd yollarının salınması, körpülərin tikinti­si, tarixi abidələrin bərpası önə çəkilməlidir.

Mən qeyd etmək istəyirəm ki, Oğuzda VI–XV əsrlərə aid 32 tarix-mədəniyyət abidəsi vardır. Bu, Azərbaycanın tarixi­dir və turizm ölkəsi kimi bu bölgəyə gələn turistləri məhz bu tarix maraqlandırasıdır. Bu abidələrin hamısının təmirə və restavrasiyaya ehtiyacı vardır.

Cənab Prezident Oğuzun perspektiv sosial-iqtisadi inkişa­fını müəyyənləşdirmiş və konkret tövsiyələr vermişdir. Bü­tün bunların həyata keçirilməsi üçün büdcədən vəsaitin ay­rıl­ması məqsədəmüvafiqdir.

Diqqətinizə çatdırmaq istədiyim ikinci vacib məsələ rəh­bəri olduğum Azərbaycan Müəllimlər İnstitutunun bölgələr­də olan filialları ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Müəllimlər İnstitutunun 11 regionda filialları vardır. İnstitu­tu­­muzun Şəki, Zaqatala, Şamaxı, Ağcabədi, Cəlilabad, Qa­zax, Quba rayonlarındakı filialları bu rayonlarda yeganə ali təhsil müəssisələridir. Onlar bu rayonların ictimai həyatında böyük rol oynayır. Bu filiallar bölgələrdə müəllim kadrlarına olan ehtiyacın ödənilməsinə, rayon müəllimlərinin yerlərdə ixtisaslarının artırılmasına, təkmilləşdirilməsinə kömək edir, Bakı şəhərinə tələbələrin axınının, paytaxtda tələbə sıxlığı­nın qismən də olsa qarşısını alır.

Son vaxtlar rayonlarımızda tikilərək müasir tələblərə tam cavab verən yaraşıqlı orta məktəblərdən bu filiallara qəbul olan tələbələr məktəblərdə olan o gözəl şəraiti institutda gö­rə bilmirlər. Tələbələrimizə təmirsiz, istilik sistemi olmayan, yataqxanası olmayan institutda oxumaq problem yaradır. Bu filiallara daxil olan tələbələr Bakı şəhərinə köçürülmələri haq­qında tez-tez müraciət edirlər. Təhsil Nazirliyinin imkan­ları daxilində filiallara ayrılan vəsait az olduğundan onların tam təmir olunmasına, maddi-texniki bazasının möhkəm­lən­dirilməsinə imkan vermir. Təbii ki, yarımçıq görülən işlər lazımi nəticə vermir, filiallar ildən-ilə təmir işlərini başa çatdıra bilmirlər.

Burada Abel müəllim də təhsilə və elmə ayrılan məbləğlə bağlı fikrini söylədi. Mən Samir müəllimin bu Məclisdə iştirakından istifadə edərək xahiş edərdim ki, Azərbaycan Müəllimlər İnstitutunun filiallarının müasir tələblərə cavab verən təhsil ocaqlarına çevrilməsi üçün lazımi vəsaitin ayrıl­masında bir az da səxavətli olsun. Unutmayaq ki, regionlar­da yaradılan bu filiallar ümummilli liderimizin yadigarıdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.

 

(FASİLƏDƏN  SONRA)

 

Sədrlik edən. Yevda Abramov buyursun.

Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli mil­lət vəkilləri, hökumət üzvləri və media mənsubları! Artıq iki gündür ki, biz ölkənin 2012-ci il maliyyə Konstitusi­ya­sını müzakirə edirik. Bu büdcənin əvvəlcə ayrı-ayrı komitə­lərdə çox geniş müzakirələri aparılıb. Komitə iclaslarında de­putatların əksəriyyəti büdcəmiz haqqında öz fikir və müla­hizələrini söyləyib və sonda ölkənin maliyyə naziri cənab Samir Şərifovun bizim suallarımızı ətraflı cavablandırması hamımızı qane edib. Artıq plenar iclaslarda da bir sıra depu­tatlar çıxış ediblər, bundan sonra da çıxış edəcəklər.

Mən, ümumiyyətlə, büdcə haqqında çox yüksək rəydə­yəm. Mübaliğəsiz deyə bilərəm ki, keyfiyyət baxımından bu çox püxtələşmiş bir büdcədir. Mən bu büdcəni ərsəyə gətirən Maliyyə Nazirliyinə, hökumət üzvlərinə, onun hazırlan­ma­sın­­da əməyi olan hər bir insana öz dərin minnətdarlığımı bil­dirirəm. Bu büdcə sanki bizim 20 illik demokratik cəmiyyə­timizin quruculuğunun yekunu, Heydər Əliyev siyasətinin, iqtisadi strategiyasının bir növ apogeyi, cənab İlham Əliye­vin həm regional, həm də dünyada gedən prosesləri nəzərə almaqla ölkəmizi dinamik inkişaf etdirməsinin son nəticəsi­dir. Bunların hamısı alqışa layiqdir.

Mən büdcə haqqında tənqidi fikirlərə də münasibətimi bildirmək istərdim. Müxalifətdən olan deputatlarımızın da çıxışlarında bəzən çox səmərəli təkliflər olur. Onları da qə­bul etmək, onlara da hörmətlə yanaşmaq lazımdır. Bu həm­kar­larımız fikirlərini, sadəcə olaraq, bir az emosional şəkildə deyir, bir az da ətrafda gedən bu gözəl inkişafa sanki biganə qalırlar. Amma bəzən onların fikirlərində də diqqətəlayiq məqamlar olur. Onlar da bu ölkənin vətəndaşlarıdır, onlar da Azərbaycanı güclü görmək istəyirlər. Ona görə, təbii ki, onlara da biganə qalmaq lazım deyil.

Büdcə haqqında tərifə qalsa, mənim danışığım saatlarla qurtarmaz. Amma vaxtın azlığı məni müxtəsər olmağa vadar edir. Mən seçildiyim rayonla bağlı bir neçə məsələni burada qabartmaq istəyirəm. Mən bunları hökumətin hesabatında demişdim və yenə də hökumətin hesabatına saxlamaq istə­yir­dim. Ancaq qabaqda qış gəldiyinə görə bir sıra məsələləri indi hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.

Bilirsiniz ki, Qonaqkənd vaxtilə müstəqil rayon idi. Son­ralar ləğv edilib Xızı rayonuna qatıldı və sonra da Xızıdan alınıb Qubaya verildi. Mən o dəfə hökumətin hesabatında çıxış edərkən Qonaqkəndi rayon içərisində kiçik bir rayona bənzətdim və dedim ki, o bu gün qəmgin, küskün bir gəlinə oxşayır. Bu kəndin cavanları çıxıb gedib. Bu kəndlər boşalır. Xüsusilə Qubanın dağ kəndləri boşalır. Ona görə bu gün gəncləri yenidən kəndə bağlamaq, yerinə qaytarmaq üçün, – mən demirəm, yenidən kolxoz, sovxoz quruluşuna qayıdaq, – bəzi yerlərdə kollektiv təsərrüfatlar yaratmaq da pis olmaz. Mənə elə gəlir, bunda pis heç nə yoxdur. Həmin yerlərdə müasir məktəblər olarsa, uşaq bağçaları olarsa, mövcud xəs­təxanalar təmir edilərsə, yollar açılarsa, inanın ki, bu kəndlər belə boşalmaz. İndi mən o kəndlərə hər dəfə çıxa bilmirəm. Çünki imkan yoxdur. Yəqin ki, 2013-cü ildə Quba-Şamaxı yolu açılacaq. Artıq investisiya layihələri hazırlanır, işlər gedir. Biz buna çox sevinirik. Hökumətə də minnətdarlığımı bildirirəm.

Mən burada iştirak edən səhiyyə naziri cənab Oqtay Şirə­liyevdən və Samir müəllimdən dönə-dönə xahiş edirəm, – bu bütün qonaqkəndlilərin xahişidir, – orada xəstəxana bərpa edilsin. 1950-ci illərdə tikilən xəstəxanadır, heç bir təmir gör­məyib. Əgər bunu bacarmırıqsa, heç olmasa...

Sədrlik edən. Sağ olun. Hamımız vaxtın azlığından şika­yət­lənirik, ancaq hamımız da 5 dəqiqə xahiş etmişdik. Dü­nən­ki çıxışlarda cəmi 7 nəfər çıxış etmişdi. İndi artıq 30 nə­fərə yaxın adam çıxış edib. Ona görə də dünəndən xəbər ediblər ki, 5 dəqiqəyə hamı hazır olsun. Əhliman Əmiras­la­nov buyursun.

Ə. Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, çox hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, bizim müzakirəmizə verilmiş 2012-ci ilin büdcə layihəsi çox uğurlu bir büdcə layihəsidir. Bu büdcə layihəsi Azərbaycan iqtisadiyyatında baş verən bütün müsbət dəyi­şik­likləri özündə təcəssüm etdirir. İqtisadi inkişafımız bu büdcə layihəsində öz əksini tapıb.

Mən xüsusilə bu büdcə layihəsinin sosial yönümlü olma­sını vurğulamaq istəyirəm. Göründüyü kimi, burada səhiyyə, təhsil, elm sahələrinə ayrılan vəsait keçən illə müqayisədə xeyli artırılıbdır – səhiyyəyə təxminən 6 faiz, təhsilə 13 faizə və elmə 7 faizə yaxın. Hesab edirəm, bütün bunlara baxma­ya­raq, yenə bu sahəyə ayrılan vəsait yetərli deyil. Elə səhiy­yə sahəsini götürək. Biz bu gün əgər vətəndaşlarımızın nor­mal müalicə olunub həyata qayıtmaları üçün lazım olan xəs­təxanalar qurmasaq, lazım olan avadanlıqlar gətirməsək, gələcəkdə Azərbaycan xalqının sağlamlığından, sağlam nəsil böyütməsindən danışa bilmərik. Ona görə də mənə belə gəlir ki, sosial sahələrə investisiya xərclərinin daha da artırılması məsləhətdir.

Büdcə layihəsində səhiyyə xərcləri adambaşına 65 manat nəzərdə tutulub. Düzdür, bu xərclər ilbəil artır. Son 10 ilə bax­saq, görərik, bir necə dəfə artıb. Ancaq yenə də yetərli de­yil. Fikir verin, bu gün əhali arasında ən çox tələfat doğu­ran xəstəliklər ürək, qan-damar patologiyası və onkoloji xəs­tə­liklərdir. 10-15 il bundan əvvəlki dövrdə bu xəstəliklərin müalicəsinə sərf olunan vəsaitlə bu gün sərf olunan vəsait­ləri biz müqayisə etsək, görərik, xeyli fərq var. Bu xəstələrin müalicəsi üçün bu gün son dərəcə bahalı avadanlıqlar, tex­nologiyalar tələb olunur. Ona görə biz bu sahəyə ayrılan və­saiti artırmalıyıq.

Bu, eynilə təhsil sahəsinə də aiddir. Bu gün yüksək ixti­sas­lı mütəxəssislər hazırlamaq üçün bizim əgər maddi-tex­niki bazamız, texnologiyalarımız, kadrlarımız olmasa, gələ­cək­də hansı yüksək ixtisaslı mütəxəssisdən söhbət gedə bi­lər? Yüksək ixtisaslı mütəxəssis yetişdirə bilməsək də, biz gələcəkdə inkişafdan danışa bilmərik. Eyni zamanda, bu, el­mə də aiddir. Ona görə mənə belə gəlir ki, sosial sahəyə nə­zərdə tutulmuş xərclərin artırılması ədalətli olardı.

Mən daha bir məsələyə öz münasibətimi bildirmək istər­dim. Keçən il biz pensiya qanununu müzakirə edəndə elmlər namizədlərinin, elmlər doktorlarının pensiyasına 120 və 200 manat vəsait əlavə edilməsi təklif olundu. Möhtərəm cənab Prezident tərəfindən bu çox yaxşı qarşılandı və həyata keçi­ril­di. Bunu bu gün fəaliyyətdə olan elmlər namizədlərinə və elmlər doktorlarına da şamil etmək çox ədalətli olardı.

Mən seçicilərimin verdiyi təklifləri qısaca səsləndirmək istərdim. Zərdab–Mollakənd yolu kəndlərarası yoldur. Çox bərbad bir vəziyyətdədir. Biz dəfələrlə müraciət etsək də, çox təəssüflər olsun ki, o yol təmir edilmir və bu da seçi­ci­lərin haqlı narazılığına səbəb olur.

Saatlı rayonunda kəndlərin qazlaşdırılması ilə əlaqədar da xeyli problemlər var. Mənə belə gəlir ki, aidiyyəti təşkilatlar həmin problemlərə münasibətlərini dəyişsələr, bu işlər vaxtında qaydaya düşər.

Sədrlik edən. Sağ olun, Əhliman müəllim. İsmayıl Ha­cıyev.

İ.Hacıyev. Çox sağ olun, möhtərəm cənab Sədr. Hör­mət­li hökumət üzvləri, hörmətli həmkarlar! 2012-ci ilin döv­lət büdcəsi haqqında burada kifayət qədər arqumentlər, fikir­lər, mülahizələr söylənildi. Mən də həmin fikirlərə qoşularaq birmənalı şəkildə qeyd edirəm ki, 2012-ci il üçün hazırlanan dövlət və icmal büdcəsi yüksək səviyyədə tərtib olunmuş­dur. Düzdür, cəmiyyətdə heç bir şey ideal deyil. Bu büdcəyə də müəyyən iradlar tutmaq, müəyyən təkliflər və mülahi­zə­lər söyləmək olar. Lakin bu dövlət büdcəsi bütövlükdə ölkə­mizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir. 2012-ci il üçün bütün iqtisadi inkişafımız, hər bir Azərbaycan vətən­da­şı­nın yaşayışı, ölkəmizin sosial-iqtisadi inkişafı xeyli dərəcə­də bu büdcənin necə yerinə yetirilməsindən asılıdır.

2012-ci il büdcəmiz ilk növbədə sosial yönümlü və inves­tisiya tutumlu büdcədir. Bu büdcədən sosial sahəyə ayrılan vəsait 4,7 milyard manat, yəni ümumi büdcənin təxminən 28 faizi qədərdir. İnvestisiyaya ayrılan vəsait də xeyli artırıl­mış­dır. Bu isə belə düşünməyə əsas verir ki, 2012-ci ilin döv­lət büdcəsi qarşıya qoyulan bütün vəzifələrin həyata ke­çi­rilməsinə şərait yaradacaqdır.

Dövlət büdcəsində hər bir sahənin, təbii ki, öz yeri, öz mövqeyi var. Təhsillə elmə ayrılan vəsait 1,7 milyard manat müəyyən olunmuşdur. Bunun təqribən 1 milyard 575 milyon manatı təhsilə, 122 milyon manatı elmə ayrılmışdır. Yəni dövlət büdcəsində təhsilin tutumu 9,3 faiz, elmin yeri isə 0,7 faizdir. Mən xüsusilə elmi vurğulamaq istəyirəm. Əslində, bir neçə il bundan qabaq da bu elə 0,7 faiz idi. Yəni dövlət büdcəsində elmə ayrılan vəsaitin xüsusi çəkisi artmayıb, sa­dəcə olaraq, dövlət büdcəsi artıb. 2011-ci ilin dövlət büdcəsi artımdan əvvəl təqribən 12 milyard manat idi. İndi isə 16 milyard manatdan bir qədər artıqdır. O vaxt da elmə ayrılan vəsait 0,7 faiz idi, 2012-ci ildə də elmə ayrılan vəsait 0,7 faiz olaraq qalır.

Cəmiyyətin inkişafı elmdən xeyli dərəcədə asılıdır. Xatır­ladım ki, 1993-cü ildə ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıdanda həmin ilin sentyabrında Azərbaycan cəmiyyə­tin­də ilk dəfə elm adamları ilə Akademiyada görüşdü. 1970–80-ci illərdə də o, Azərbaycana rəhbərlik etdiyi dövrdə elmi prinsiplərə əsaslanmışdır. Bu gün də ölkə Prezidenti ulu ön­dərimizin siyasi xəttini uğurla davam etdirərək bütün fəa­liy­yətini bu prinsiplər üzərində qurur. Ölkəmizdə çox böyük uğurlar qazanılır. 20 illik müstəqillik tarixinə malik olan bir dövlət əgər Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü seçilirsə və Azərbaycan büdcəsi 10 ildə 20 dəfədən çox artıbsa, bu, artıq ölkənin hansı müsbət irəliləyişlərə malik olduğunu göstərir.

Mən daha bir neçə məsələnin büdcədə nəzərə alınmasını xahiş edərdim. Təhsil sistemində işləyənlərə staja görə əmək haqqı müəyyən olunur. Elm sahəsində bu tətbiq olunmur. Arzu edərdim ki, bu, elm sahəsində işləyənlərə də şamil edilsin.

İkinci cəhətdən, Akademiya sistemində əmək haqqının ar­tı­rılması ilə bağlı olaraq 2011-ci ilin aprel ayında ölkə Pre­zidenti xüsusi sərəncam vermişdi. Çox qəribədir ki, bu, Aka­demiyanın elmi-tədqiqat institutlarına şamil olunur, lakin Aka­demiyanı idarə edən idarəetmə strukturuna aid edilmir. Niyə belədir? Bunu başa düşmək olmur. Yəqin ki, müəyyən nazirlik gələcəkdə bunları nəzərə alacaqdır.

Bir cəhəti də qısaca demək istəyirəm. Akademiyanın Nax­çı­van bölməsində maddi maraq prinsipini artırmaq üçün ulu öndərimiz 2002-ci il avqust ayının 12-də əmək haqqına 100 faiz əmsal tətbiq eləmişdi. Lakin sonrakı mərhələdə bu əmsal 100 faizdən 34 faizə enib. Niyə?

Sədrlik edən. Sağ olun. Musa Quliyev.

M.Quliyev. Çox sağ olun, cənab Sədr. Vaxt azdır, deyil­məli fikir çoxdur. Ona görə də son sözümü əvvəldən deyə­cəyəm. Mən bu büdcənin lehinə səs verəcəyəm. Hesab edi­rəm ki, o, strateji məqsədləri hədəfləyən, sosial-iqtisadi inki­şa­fın davamını təmin edən, milli maraqlara cavab verən, dün­yada gedən maliyyə, iqtisadi prosesləri öncələyən və bütün bu reallıqları nəzərə almaqla hazırlanan kifayət qədər mükəmməl bir büdcədir.

Büdcəmizin gəlirləri gələn il üçün 5,7 faiz artıq, yəni 6,5 milyard manat proqnozlaşdırılır. Düşünürəm ki, bu, reallıq­lar nəzərə alınmaqla kifayət qədər yaxşı gəlirdir. Mən gəlir­lərin tərkib hissəsində qeyri-neft sektorunun payının artma­sını, eləcə də büdcə gəlirlərinin formalaşmasında maliyyə-vergi inzibatçılığının yüksəlməsini, yığım əmsalının artması­nı, nağdsız hesablaşmaların stimullaşdırılmasını müsbət meyl­lər hesab edir və bu sahəyə cavabdeh strukturların uğu­ru kimi qiymətləndirirəm.

Büdcəmizin əsas xarakterik xüsusiyyətlərindən biri də son illərdə sosial yönümlü xərclərin artmasıdır. Ümummilli lide­rin müəyyən etdiyi əsas strategiya Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasından ibarətdir. Odur ki, Azərbaycan büdcəsində sosial yönümlü xərclərin əsas his­səsinin səhiyyəyə, elmə, mədəniyyətə, sosial müdafiəyə yö­nəldilməsini və hamısının artmasını təqdir edir, müsbət qiy­mətləndirirəm.

Ümumiyyətlə, son illərdə cənab Prezidentin xüsusi qay­ğısı və dəstəyi ilə səhiyyəmiz çox sürətlə inkişaf edir. De­mək olar ki, biz modern bir səhiyyə sistemi qurmuşuq. Am­ma səhiyyə xərclərinin həm dövlətə düşən yükünün azaldıl­ması, həm də səhiyyəyə – bütün Azərbaycan əhalisinin əlça­tanlığının təmin edilməsi, həm də səhiyyə – vətəndaş müna­sibətlərinin daha sivil tənzimlənməsi üçün, heç şübhəsiz ki, icbari tibbi sığortanın tətbiq olunması günün reallığıdır. Mən bu addımın atılması üçün hökumət tərəfindən müvafiq işlərin görülməsini təklif edirəm.

Son illərdə dərman vasitələrinin keyfiyyətinin yüksəl­mə­si, çeşidlərinin artması da müsbət bir haldır. Amma dərman vasitələrinin qiymətləri bahadır. Qiymətin bahalığının ob­yektiv səbəblərindən biri odur ki, Səhiyyə Nazirliyi daha çox tanınmış, sınanmış firmaların dərmanlarının ölkəyə gətiril­mə­sinə önəm verir. Digər bir səbəb də ondan ibarətdir ki, dərman vasitələrinə tətbiq olunan əlavə dəyər vergisi çox yuxarıdır. Dünyanın bir çox ölkələrində dərman vasitələri ya əlavə dəyər vergisindən azaddır, ya da dərman vasitələrinə əlavə dəyər vergisinin 50 faizə qədəri tətbiq olunur. Mən hökumətdən bu təklifin də nəzərə alınmasını xahiş edirəm. Dərman vasitələri əgər əlavə dəyər vergisindən azad olarsa, dərmanların qiyməti azı 15–20 faiz aşağı düşə bilər.

Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin də maliyyə­ləşməsinə diqqətin və maliyyə vəsaitinin artırılmasını xahiş edirəm.

Növbəti bir təklifim valideyn himayəsindən məhrum ol­muş uşaqların təhsili ilə bağlıdır. Belə uşaq ali təhsil müəs­sisələrinə ödənişli əsaslarla qəbul olunanda valideyni və ya yaxın bir adamı olmadığından, demək olar ki, təhsil imka­nı­nı itirir. Ümummilli lider Heydər Əliyev bu uşaqlarla görü­şəndə demişdi: “Siz valideynsiz deyilsiniz, sizin valideyni­niz Azərbaycan dövlətidir, Azərbaycanın Prezidentidir”. Azər­baycanın birinci xanımı, Heydər Əliyev Fondu bu uşaq­lara daim yüksək səviyyədə qayğı və diqqət göstərir. Bu qay­ğı və diqqətin davamı olaraq, mən təklif edirəm ki, vali­deyn himayəsindən məhrum olan uşaqlar ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbul olunduğu halda, onla­rın təhsillə bağlı bütün xərcləri dövlət vəsaiti hesabına ödənilsin.

Növbəti təklifim seçildiyim Gəncə şəhəri ilə bağlıdır. Son zamanlar cənab Prezidentin xüsusi tapşırığı ilə Gəncədə mi­sil­siz yenidənqurma və abadlıq işləri aparılır. Bu abadlıq işlərinə dəstək verən bütün strukturlarımıza minnətdarlığımı bildirirəm. Gələn il Gəncədə 4 böyük investisiya proqra­mı­nın maliyyələşdirilməsi, daha konkret desək, Gəncə Aqrar Universitetinin, Gəncənin bütövlükdə su və kanalizasiya sis­te­minin yenidən qurulması, Gəncədə böyük konsert kom­plek­sinin inşası və Gəncə–Yevlax avtomobil yolunun reabi­lita­siyası nəzərdə tutulur. Əminəm ki, inşallah, gələn il bu işlərin hamısı böyük uğurla başa çatacaq. Büdcəmizi mən gərəkli, dəyərli hesab edirəm və onun lehinə səs verəcəyəm.

Sədrlik edən. İlham Məmmədov.

İ.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əlbəttə, mən də milli maraqlara xidmət edən və peşəkarlıqla hazır­lanan büdcəmizi dəstəkləyirəm və ona səs verəcəyəm. Hör­mətli maliyyə naziri Samir Şərifovun və Hesablama Palata­sı­nın sədri hörmətli Heydər Əsədovun çıxışları bu büdcənin bizə nə verməsini bir daha bütün aşkarlığı ilə ortaya qoydu.

Bununla belə, mən də büdcəmizlə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Birincisi, 2012-ci ilin dövlət büdcəsin­də investisiya layihələrinin və sosial proqramların davam etdirilməsi nəzərdə tutulur. Əsas məqsəd başlanmış investi­siya layihələrinin qısa zamanda başa çatdırılmasıdır. Əlbəttə, investisiya layihələri büdcənin əsas mahiyyəti olmalıdır. Biz qeyd edirik ki, büdcəmiz sosial yönümlü, investisiya tutum­ludur.

Büdcə müzakirə olunarkən burada müxalifətdən olan həm­karımız İqbal Ağazadə söylədi ki, 33 milyarda yaxın in­vestisiya xərclənib, ancaq bunun nə xeyri var? Nəzərinizə çat­dırmaq istəyirəm ki, məhz bu investisiya layihələri sayə­sində bu gün 7 ixrac kəməri Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyaya çıxarılmasına xidmət edir. Avropa ilə Asiyanı birləşdirəcək dəmir yol xəttinin çəkilməsi də ölkə­mizə xeyir gətirən investisiya layihələrindəndir. Sabah o da Azərbaycana gəlir gətirəcək, büdcəmizin formalaşmasına kö­­mək edəcəkdir.

Bölgələri təmsil edən millət vəkilləri abad yolların bu böl­­gə­lər üçün nə demək olduğunu yaxşı bilirlər. İnfrastruk­turun inkişaf etməsi, geniş, rahat yolların çəkilməsi iqtisa­diy­­yatın inkişafı və investisiyaların regionlara axması de­mək­dir. Mən hesab edirəm ki, əslində, yola bir az da artıq vəsait xərcləmək lazımdır.

Təbii ki, bütün bu görülən işlər dünyanın əşrəfi olan insa­na xidmət edir. İnsan sağlamlığının qorunması dövlətin ən ümdə vəzifələrindən biridir. Bu gün dövlətimizin, möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunan Azərbay­can səhiyyəsi insanların sağlamlığı keşiyində fədakarlıqla durur. Ancaq səhiyyə xərclərinin ümumdaxili məhsulda xü­susi çəkisinin 1,7 faiz olması, mən də hesab edirəm, azdır. Bu sahəyə ayrılan vəsaiti bir az da artırarıqsa, səhiyyənin inkişafına kömək etmiş olarıq.

Hesablama Palatasının büdcə haqqında təqdim etdiyi rəydə oxudum ki, 4 il ərzində büdcədən icbari tibbi sığorta üçün 110 milyon manat vəsait ayrılıb. Mən hesab edirəm ki, bu vəsaitdən səmərəli istifadə olunmalıdır. Səhiyyənin üzə­rinə haqlı-haqsız iradlar yağdırılır, ancaq nəzərə alınmır ki, o bütün ağırlığı çiyninə götürüb və indi tibbi sığortanın inkişafı olmadan səhiyyənin inkişafından danışmaq düz deyildir.

Burada bir fikri də hörmətli maliyyə nazirinin nəzərinə çatdırmaq istəyirəm. Bəzi diaqnostik mərkəzlər, məsələn, Dövlət Neft Şirkətinin fondu hesabına tikilən diaqnostika mərkəzi Səhiyyə Nazirliyinin balansına verilib. Hesab edi­rəm, yaxşı olar ki, büdcədə diaqnostik mərkəzlərin saxlan­ması üçün əlavə paraqraf ayrılsın. Çünki doğrudan da, döv­lə­timizin gəliri hesabına tikilmiş ən modern və səhiyyəni çox irəli apara biləcək bu diaqnostik mərkəzlərə mütləq ma­liyyə yardımı lazımdır. Diqqətinizə görə minnətdaram.

Sədrlik edən. Çox sağ olun. Rafiq Məmmədhəsənov.

R.Məmmədhəsənov. Çox sağ olun, Oqtay müəllim. Hör­mətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzv­ləri! Büdcə materialları ilə tanış olandan sonra belə qənaətə gəldim və birmənalı şəkildə qeyd etmək istəyirəm ki, büdcə sosial yönümlü, investisiya yönümlüdür və büdcə materialları çox sanballı şəkildə hazırlanmışdır. Mən bu materialları ha­zırlayanların hamısına dərin təşəkkürümü bildirirəm.

Dahi Nizami deyib ki, insanın həqiqəti deməkdən başqa fikri yoxdursa, ona bir neçə cümlə də kifayət eləyə bilər. Ona görə mən sözü uzatmadan büdcə materialları ilə bağlı təkliflərimi vermək istəyirəm. Əvvəla, Əhliman müəllimin irəli sürdüyü təklifi mən də dəstəkləyirəm. Elmlər doktorları və namizədlərinin pensiyasına əlavə olunan vəsaitləri onların fəaliyyət dövrünə də şamil eləmək düzgün olardı.

İkincisi, səhiyyə sahəsində 9 dövlət proqramı var və bun­ların hər biri xüsusi paraqrafla göstərilib ki, bu da yaxşı ha­disədir. Lakin qeyd eləmək istəyirəm ki, hazırda ölkə­miz­də 140 min şəkərli diabet xəstəsi qeydiyyatdadır. Ümumdünya Səhiyyə Təşkilatının statistikləri göstərir və bu, sübut olun­muş faktdır ki, qeydiyyatda duran xəstələrin sayı hər il təx­minən 10 faiz artır. Bizim büdcədə isə keçən illə müqayi­sədə artım 4,3 faiz nəzərdə tutulmuşdur. Mən təklif edirəm ki, bu, 10 faizə qədər artırılsın. Çünki yeni xəstələrin dər­manla təminatı çətinliklər yaradır və bu da camaatın haqlı narazılığına səbəb olur.

Bir təklifi də diqqətinizə çatdırmaq istəyirəm. Mən Gə­də­bəy–Tovuz seçki dairəsindən seçilmişəm və hər dəfə seçici­lərimlə görüşəndə onların bir xahişini daha çox eşidirəm. Gədəbəy Qaravəllər magistral yolu var, 57 kilometr uzunlu­ğundadır. Sovet dövründə çəkilmiş və ondan sonra heç vaxt təmir olunmamış yoldur. Gədəbəyin 94 min əhalisi var. Bu əhalinin təxminən 60–70 mini və Tovuzun dağ kəndlərində yaşayan təxminən 15–20 min əhali bu yoldan istifadə edir. Ona görə mən hökumətdən bu yolun təmirinə vəsait ayır­mağı xahiş edirəm.

Yenə də təkrar edirəm, büdcə sosial yönümlü, investisiya yönümlüdür və mən bu büdcəni dəstəkləyirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun, Rafiq müəllim. Bəxtiyar Əliyev, buyurun.

B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli depu­tat­lar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublika­sının 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsi çox mükəmməl hazırlanmışdır və ölkənin sosial-iqtisadi, siyasi, mədəni həyatının inkişaf meyllərini tam, dolğun surətdə əks etdirir. Qanun layihəsində iqtisadi inkişafın önəmli istiqa­mət­ləri konkret proqramlar əsasında müəyyənləşdirilmiş və həmin proqramların gələcəkdə necə icra olunmasının proq­nozlaşdırılması da verilmişdir ki, bu da büdcənin gəlir və xərc­lərinin dəqiq tənzimlənməsinə imkan verir. Bu çox gö­zəl praktikadır ki, Azərbaycan Respublikasının gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz gös­təriciləri artıq builki büdcə zərfində öz əksini tapmışdır.

İstər Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin çıxışında, istərsə də maliyyə nazirinin, iqtisadi inkişaf nazi­rinin, Hesablama Palatası sədrinin çıxışlarında büdcə siyasə­tinin bütün məqamları çox dəqiq şəkildə açıqlandı. Deputat həmkarlarım da ayrı-ayrı məqamlara diqqəti yönəltdilər və bütün bunlar belə bir həqiqəti ortaya qoydu ki, ölkədə gedən sürətli iqtisadi yüksəliş Azərbaycanın davamlı inkişafını tə­min edən bir konsepsiya əsasında həyata keçirilir və bu kon­s­ep­siyanın da müəllifi Azərbaycan Respublikasının Prezi­den­ti cənab İlham Əliyevdir.

Əlbəttə, regionların sosial-iqtisadi inkişafının sürətləndi­ril­məsindən başlayan bu iqtisadi yüksəliş bu gün Azərbay­can vətəndaşının gələcəyini təmin edən bir iqtisadi poten­sia­lın yaradılmasına gətirib çıxarmışdır. Ölkədə çox böyük işlər görülmüşdür. Son illərdə ölkənin inkişaf səviyyəsi ölçüyə­gəl­məz dərəcədə artmışdır. Son 3 ildə büdcə gəlirlərinin 16 milyarddan artıq bir səviyyəyə çatdırılması, əlbəttə, qarşıya qoyulmuş hədəflərə qısa bir müddətdə nail olmağa imkan verir. Bu, ölkədə həyata keçirilən sürətli iqtisadi islahatların nəticəsidir. Adambaşına düşən ümumi daxili məhsulun əhə­miyyətli dərəcədə artması ölkədə demokratiyanın, hüquqi dövlət quruculuğunun inkişafının təməl prinsiplərinin güc­lən­dirilməsinə xidmət edir.

Ən yaxşı göstəricilərdən biri də hüquqi və fiziki şəxslərin mənfəət vergisinin ilbəil artmasıdır. Şübhəsiz ki, bu, ölkə iq­ti­sadiyyatının sabit inkişaf göstəricisi olan sahibkarlığın sürətlə inkişaf etdiyinə dəlalət edir. Sahibkarlığın İnkişafı Fondunun səmərəli surətdə fəaliyyət göstərməsi və dövlətin bu istiqamətdə həyata keçirdiyi islahatlar sahibkarlığın da­vamlı inkişafını təmin edir ki, bu da vətəndaşların maddi rifah halının gücləndirilməsində dövlətin əsas məqsədinin həyata keçirilməsinə xidmət edir.

Bütün bunların nəticəsi kimi əhalinin gəlirləri artır və tə­bii ki, gəlirlər artdıqca tələbat da artır. Bir sözlə, Azərbay­can­da həyat səviyyəsi təkcə kəmiyyət deyil, ən əsası key­fiy­yət baxımından yaxşılaşır. Ona görə də haqlı olaraq bu gün ən azı dünəndən daha yaxşı yaşamaq istəyi meydana gəlir ki, bu da vətəndaşların təbii istəyidir. Bu istiqamətdə isə işlər heç zaman başa çatdırıla bilməz, ən azı ona görə ki, bu, da­vamlı, kəsilməz bir prosesdir. Əlbəttə, bizim hamımızın məq­sədi xalqın yüksək və təhlükəsiz yaşayışını təmin et­mək­dir. Buna nail olmaq üçün dövlət bütün işləri görür.

Mən burada iki məqama toxunmaq istəyirəm – elmə ayrı­lan vəsait və təhsilə ayrılan vəsait. Şübhəsiz ki, bunlar ildən-ilə artır və təhsilin də, elmin də keyfiyyəti yüksəlir. Amma mən qeyd etmək istərdim ki, elmi tədqiqatların səmərəli apa­rılması və elmi tədqiqat müəssisələrinə avadanlıqların alın­ması üçün xərcləri də artırmaq lazımdır.

Sərhəd bölgələri ilə bağlı bir məsələni diqqətinizə çatdır­maq istəyirəm. Bu günə qədər Yevlax-Ağdam yolunun dö­zül­məz bir vəziyyətdə olması həmin bölgədə olan insanların və o cümlədən sahibkarların vəziyyətini çətinləşdirir. Ona görə yaxşı olardı ki, hökumət gələn ilin investisiya proq­ra­mında Yevlax–Ağdam yolunun yenidən qurulmasını – hə­min sərhəd bölgəsinin iqtisadi inkişafının sürətlənməsinə tə­kan verəcək bu işin həyata keçirilməsini nəzərdə tutsun.

Ümumiyyətlə, büdcəni müsbət qiymətləndirirəm və depu­tat­ları ona səs verməyə dəvət edirəm. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.

T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri və hökumət üzvləri! Burada çıxış edən hökumət üzvləri və deputat həmkarlarım kimi mən də 2012-ci il döv­lət büdcəsinin elmi əsaslara söykəndiyini, sosial və investi­siya yönümlü olduğunu, bilavasitə xalqımızın rifahının yax­şı­laş­dırılmasına istiqamətləndiyini qeyd edirəm. Büdcə layi­hə­sinin belə mükəmməl, əhatəli, nəticələri və perspektivləri özündə əks etdirən bir sənəd kimi təqdim edilməsində xid­məti olan hər bir kəsə minnətdarlığımı bildirirəm.

Büdcə iqtisadiyyatımızın güzgüsüdür. İnsanların daha yax­şı yaşamasına zəmanətdir. İnkişafımız ulu öndərimiz Hey­dər Əliyev siyasi kursunun yenilməzliyinin sübutu, hör­mətli Prezidentimiz cənab İlham Əliyevin gərgin, səmərəli fəaliyyətinin nəticəsidir.

Mən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, vətən­daşların rahat yaşamasını, insanların hüququnun təmin edil­məsini ən böyük müvəffəqiyyətimiz hesab edirəm. Təhlü­kəsizlik Şurasında təmsil olunmağımızı beynəlxalq aləmdə xarici diplomatiya sahəsində böyük nailiyyətimiz kimi qiy­mətləndirirəm. Azərbaycan mədəniyyətinin, incəsənətinin, idmanının dünya miqyaslı qələbələri ilə fəxr edirik. Region­ların, kənd və şəhərlərimizin abadlaşdırılması, yeni infras­truk­­turun yaradılması, çoxsaylı müəssisələrin, tibb ocaqla­rının, məktəblərin, idman meydançalarının tikilib istifadəyə verilməsi irəliləyişimizə əyani sübutdur. Bütün bunlar büd­cə­mizin düzgün formalaşdırıldığını, siyasətimizin iqtisadiy­ya­tımızla sıx əlaqələndirildiyini, diqqətin daha vacib əhə­miy­yətli sahələrə yönəldiyini sübut edir. Bu baxımdan büd­cənin lehinə səs verəcəyəm.

Ancaq məni düşündürən bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Bakı şəhəri dünyanın ən gözəl və çox sürətlə inkişaf edən şəhərlərindən biridir. Şəhərin bu sürətli inkişafı insanları narahat edən müəyyən problemlər də ortaya qoyur. Şəhər əhalisi yol, işıq, qaz, işsizlik, bahalaşma, xüsusilə tıxac məsələlərini qabardır və tədbirlər görülməsini xahiş edir.

İqtisadi gücümüz müəyyən problemləri tezliklə aradan qaldırmağa imkan verir. Ancaq külli miqdarda dövlət vəsaiti sərf edilsə də, bu çatışmazlıqları tam aradan qaldırmaq müm­kün olmur. Bakı şəhərində nə qədər yol ayrıcı, körpü, keçid inşa edilsə də, bu gün insanların ciddi narazılığına sə­bəb olan tıxac problemini aradan qaldırmaq çətin olacaq. Qeyd etdiyim digər məsələlər də bu qəbildəndir. Bu gün Bakı şəhərində artıq 1 milyondan artıq avtomobil vardır. Ra­yonlara nisbətən şəhərdə kənd təsərrüfatı məhsulları 3-4 dəfə, mənzil kirayəsi 7-8 dəfə, iaşə, məişət xidmətləri dəfə­lərlə bahadır.

Müəyyən problemlərin aradan qaldırılması sahəsində cid­di tədbirlər görülsə də, şəhərdə əhalinin, nəqliyyatın, paytax­ta gələn qonaqların, yeni müəssisələrin sayı durmadan artır. Demək olar ki, bütün nazirliklər, komitələr, şirkətlər, ali və orta ixtisas məktəbləri, qeyri-özəl qurumlar Bakıda yerləşir. Bakıya gələn turistlərin sayı çoxalır. Şəhərimiz beynəlxalq konfranslara, görüşlərə, dünya miqyaslı idman yarışlarına və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi edir.

Xatırlatdığım problemlərin aradan qaldırılmasının yolu bu məsələlərin həlli üçün daha çox vəsaitin ayrılmasından de­yil, şəhərin əhalisinin və sosial yükünün azaldılmasından ke­çir. Belə ki, bəzi nazirliklərin, komitələrin, ali və orta ixtisas məktəblərinin, şirkətlərin və təşkilatların tədricən regionlara köçürülməsi çox vacibdir. Məhz bu, Bakını tıxaclardan, sıx­lıqdan, çoxsaylı qəzalardan, bahalaşmadan və bir sıra digər problemlərdən xilas edə bilər.

Respublikamızda uşaq bağçalarına tələbatla bağlı prob­le­mi bələdiyyələrə ayrılan vəsait hesabına bir neçə ilə həll et­mək mümkündür. Elə bilirəm ki, hər bir bələdiyyə gələcəkdə geri qaytarmaq şərtilə aldığı bu pulla öz ərazisində bir və ya iki uşaq bağçası inşa edib istifadəyə verə bilər. Bundan həm əhali, həm də bələdiyyələr yararlanarlar. Maliyyə Nazirli­yinin bu sahədə təşəbbüskarlığı faydalı olar.

Fərdi yaşayış evlərinin qeydə alınmasının, sənədləşdiril­məsinin sürətləndirilməsini, bu sahədə dövlət başçısının ver­diyi tapşırıqların tez bir zamanda aidiyyəti orqanlar tərəfin­dən yerinə yetirilməsini xahiş edərdim. Bu, əhalinin rahatlığı və yerli büdcələrin formalaşması üçün çox əhəmiyyətlidir.

Bələdiyyələrə ayrılan vəsaitin artırılması barədə söyləni­lən fikirlərə mən də tərəfdaram, ancaq elə bilirəm ki, bu və­sait daha yaxşı işləyən bələdiyyələrə ayrılsa, səmərə verə bilər.

Mən burada səslənən bir-iki fikrə də münasibət bildirmək istəyirəm. Bəziləri dedilər ki, regionlarda emal müəssisələri, istehsal sahələri yaradılmır. Ancaq bir faktı demək istəyirəm ki, bu il Ağcabədidə gündəlik istehsal gücü 240 ton olan...

Sədrlik edən. Sabir Rüstəmxanlı.

S.Rüstəmxanlı. Təşəkkür edirəm. Hörmətli millət vəkil­ləri, hörmətli hökumət üzvləri! Büdcə haqqında kifayət qə­dər geniş danışıldı. Bəzi şeylər hətta təkrar olunur. Mən də hesab edirəm ki, Azərbaycanın ümumi iqtisadi inkişafı göz qabağındadır, – bunu danmaq olmaz, – 2012-ci ilin büdcəsi də kifayət qədər peşəkarlıqla hazırlanıb. Mən o illəri xatır­layıram ki, Azərbaycanın büdcəsi 300 min dollar idi və biz hətta buna sevinirdik. İndi təxminən 70 dəfə artıb. Bu bizim taleyimizdir, millətimizin və dövlətimizin keçdiyi yoldur və bununla hamımız, şübhəsiz ki, qürur duyuruq.

Ancaq mənə elə gəlir ki, büdcənin, – o hər il belə təqdim olunur, – 6-7 kitabdan ibarət təqdimatına ehtiyac yoxdur. Onsuz da millət vəkillərinin çoxu ona baxmır. Baxsalar da, bir çoxu ondan heç nə başa düşmür. Ona görə yaxşı olar ki, elə bir cild hazırlansın. Büdcə layihəsində əsas prinsiplər, maddələr verilsə yetərlidir. Qalan bölgülərə, xırdalıqlara, məncə, ehtiyac yoxdur. Gələcəkdə bu, həm də işi bir az asanlaşdırar.

Mən başqalarının dediklərini təkrar eləmək istəmirəm. Bir neçə konkret təklifim var. Bu büdcədə məni ən çox narahat edən bir az ədalətsizlikdir. Bu ədalətsizlik təkcə ayrı-ayrı sahələrə yox, həm də rayonlara münasibətdə özünü göstərir. Mən seçildiyim Yardımlı rayonu ilə bağlı büdcə proqnoz­larına baxdım. Yenə də keçən illərdəki kimi, demək olar ki, heç bir emal müəssisəsi, heç bir sənaye müəssisəsi, heç bir şey nəzərdə tutulmayıb. Rayon ağır vəziyyətdədir. Rayonda torpaqlar əkilmir, iş yeri yoxdur. Qaz çəkilib, yol çəkilib, vəs­salam, bununla da iş bitib. Amma camaat yaşamalıdır, camaata çörək vermək lazımdır. Yardımlı qədər əhalisi olan elə rayon var, ona iki-üç dəfə çox pul ayrılır. Niyə bu qədər ögey-doğmalıq olmalıdır?

Keçən il rayonun mərkəzi ilə 8 kəndi birləşdirən bir yol çəkilməyə başlandı. Buna görə mən Nəqliyyat Nazirliyinə, burada bizim deputat yoldaşımız Cavid bəyə təşəkkür edi­rəm. Yolun 700 metri çəkilib, qalanı yarımçıq qalıb, çünki pul yox idi, vəsait çatışmırdı. Mən xahiş edirəm, o yol plana salınsın, normal dövlət planı ilə çəkilsin.

Bu rayonda çayın üstündə bir dənə normal körpü yoxdur. O biri rayonlarda olimpiya mərkəzi, gənclər sarayı, müxtəlif müəssisələr var. Yaxşı, burada da gənclər yaşayır da. Burada da barı bir gənclər sarayı, bir mədəniyyət mərkəzi imşa olu­naydı. Neçə ildir, bu rayonda bir dənə mədəniyyət mərkəzi tikilməyib.

Ölkənin ümumi daxili məhsulu artıb. Amma bunun gərək xərclənmə mədəniyyəti də artsın. Siz bilirsiniz, əmək haqları bizim heç kommunal xərclərimizə çatmır. Bəzi dövlət müəs­sisələri bu cəhətdən dərəbəyilik edirlər. Kim necə istəyir, o cür qiymət qoyur. Bunun da altından çıxmaq mümkün deyil.

Burada məndən əvvəl də büdcənin xərclərində bəzən is­rafçılığa yol verildiyindən danışıldı. Mən bir konkret təklif vermək istəyirəm. Bəlkə bunu nəzərə alasınız. Siz bilirsiniz ki, faks xidməti və hökumət telefon rabitəsi bahalı xidmət­lər­dir. Bizim ölkədə məmurların heç biri bu telefonları gö­türmür. Ehtiyacları yoxdur. Çünki familiya yazan da qoyub­lar, familiyanı oxuyub götürmürlər. Bir halda ki buna ehti­yac yoxdur, bu iki xidməti gəlin yığışdıraq, oraya sərf olu­nan pullar ayrı sahələrə verilsin. Onsuz da hər məmurun 4-5 əl telefonu var, heç ona da cavab vermirlər. Vətəndaş bəzi məmurların bir il də qəbuluna düşə bilmir, heç millət vəkili də qəbula düşə bilmir. Vaxtikən deyirdilər ki, millət vəkili məmurlara guya şəxsi probleminə görə müraciət edir, ona görə qəbul eləmirlər. Bizim köhnə Prezidentimiz, – Allah rəhmət eləsin, – yaxşı bir söz demişdi. Demişdi ki, lap elə millət vəkili şəxsi işinə görə müraciət edir. Bu icra başçısı, ya hər hansı məmur il boyu öz şəxsi işləri ilə məşğul olur, bir gün də qoy deputatın şəxsi işi ilə məşğul olsun. Onun bu sözünü nəyə görə unudurlar?

Bilirsiniz, Bakı bu dəqiqə dünyanın ən bahalı şəhəridir. Nə qədər pul gəlir-gəlsin, bu şəhər udur. Ona görə bu inhi­sarçılıq, bir qrup adamın hər şeyə sahiblənməsi, orta sahib­karların üzləşdiyi çətinliklər, adamları adam yerinə qoyma­maq, xalqı saymamaq – bunun axırı pis olar. Mən bu gün bizim...

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Çox sağ olun, hörmətli Sədr. 2012-ci ilin büdcə layihəsi özünün ciddiliyi, əsaslılığı, dünya iqtisadiy­ya­tında gedən proseslərə uyğunluğu ilə seçilir. Ona görə təsadüfi deyil ki, bəzi xərclərdə qənaətcillik nəzərə çarpır. Əlbəttə, biz xərclər bölməsini bir qədər fərqli görmək is­tər­dik. Həmkarlarımızın da dediyi kimi, gələn il təhsil və səhiy­yə işçilərinin, dövlət qulluqçularının və hərbi qulluqçuların vəzifə maaşlarının daha çox artırılmasını arzu edərdik. Lakin maliyyələşmə ölkənin və dünya iqtisadiyyatının real vəziy­yətindən asılıdır. Yeri gəlmişkən, mən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bu mənada dərin təhlil və strateji baxış ilə fərqlənən çıxışını xüsusilə qeyd etmək istərdim.

Sevindirici haldır ki, 2012-ci ildə bir çox sahələrdə inki­şaf nəzərdə tutulub. Məsələn, ümumi daxili məhsulda neft sektorunun artım tempi 1,5 faizdirsə, qeyri-neft sektorunda bu göstərici 8,5 faizdir. Fikir versək, görərik ki, 2012-ci ildə, məsələn, buğda, düyü və sair dənli bitkilərin, kartof və digər strateji ərzaq məhsullarının istehsalı xeyli artacaq, idxalı isə azalacaqdır. Bu misaldan aydın görünür ki, dövlət öz ərzaq təhlükəsizliyi haqqında ətraflı fikirləşir və bununla bağlı əmə­li işlər görür.

Yeri gəlmişkən, bir təklif vermək istərdim. Bütün dünya­da, xüsusilə də Qərb ölkələrində dövlət yüksək alış qiymət­ləri ilə, həmçinin xaricdən gətirilən məhsullara yüksək göm­rük rüsumu tətbiq etməklə yerli kənd təsərrüfatı istehsalını stimullaşdırır. Bizdə, məsələn, İran kartofu və ya Braziliya almasına görə əlavə vergilər alınmalıdır. Bütün bu yığımlar yerli kənd təsərrüfatı istehsalının artırılmasına yönəldil­mə­lidir. Hazırkı dövrdə bizdə bəzi kənd təsərrüfatı məhsul­la­rının alış qiymətləri çox aşağıdır və bu vəziyyəti kökündən dəyişmək lazımdır.

Müsbət haldır ki, 2012-ci ildə sosial yönümlü tədbirlərin də davam etdirilməsi nəzərdə tutulmuşdur. Sosial paket mü­zakirə olunarkən biz bu barədə fikrimizi daha ətraflı bildirə­cəyik.

Hökumət tərəfindən elm, təhsil, səhiyyə, mədəniyyət sa­hə­sinə xərclərin artırılması, məncə, təqdirəlayiqdir. Mədə­niy­yətlə bağlı bir məsələyə diqqəti çəkmək istərdim. Bu da rayonlarımızdakı tarixi və diyarşünaslıq muzeylərinin təmiri və bərpası işləri ilə bağlıdır. Bu yaxınlarda ANS kanalında qədim Şəki şəhəri haqqında nümayiş etdirilən süjetdə diyar­şünaslıq muzeyinin, rəsm qalereyasının, bir sıra memarlıq abidələrinin qəzalı vəziyyətdə olmasını göstərdilər. Axı bura ölkəmizin turizm mərkəzlərindən biridir və Avroviziya ya­xınlaşdıqca ora turist axını daha çox olacaqdır. Biz həmin turistlərə nə nümayiş etdirəcəyik, təkcə Şəki xan sarayını? Turizm rayonu olan Masallıda da diyarşünaslıq muzeyi məhz bu vəziyyətdədir. Hesab edirəm ki, Mədəniyyət və Tu­rizm Nazirliyinin bütün qüvvəsini bu istiqamətə yönəltmək, ölkəmizin rayonlarında olan bu cür mədəniyyət obyekt­lə­rinin təcili təmiri və yenidən qurulması üçün əlavə vəsait ayırmaq lazımdır.

Ümid edirəm ki, gələn il, – bu barədə danışılıb artıq, – təh­­sil və səhiyyə işçilərinin əmək haqları əhəmiyyətli dərə­cədə artırılacaq. Hazırkı vəziyyət bu iki sahədə çalışanların hətta minimum ehtiyaclarına cavab vermir. Qeyd etmək la­zımdır ki, bizim tərəfimizdən əmək qabiliyyətli insanların yaş həddi 65 yaş müəyyən edildikdən sonra təhsil və səhiyyə sahələrindən minlərlə yaşlı nümayəndə getdi. Bunu da nəzə­rə almaq lazımdır ki, onlar öz əmək haqlarından əlavə pen­siya alırdılar. Onların yerinə cavan nümayəndələr gəlir. Əksər hallarda bu cür şəxslərin özlərinin evi olmur. Onlar ya kirayədə yaşayır, ya da ipoteka ödəyirlər. Bu gənc mütə­xəs­sislər belə aşağı əmək haqqı ilə yaşaya və ailələrini saxlaya bilərlərmi? Buna görə məktəb sahəsində köklü dəyişiklik­lərlə yanaşı, məktəb müəllimlərinin əmək haqqında da köklü dəyişiklik etmək lazımdır.

Təqribən eyni hal səhiyyə işçilərinə də aiddir. Mən deyər­dim ki, burada vəziyyət daha acınacaqlıdır. Misal üçün, ixti­saslı tibb bacılarının əmək haqqı 100–110 manatdır. Belə maaşlar nəinki kommunal xərcləri ödəməyə kifayət etmir, hətta gələn il üçün elan olunmuş 116 manatlıq yaşayış mi­nimumundan da aşağıdır. Dövlət səhiyyə müəssisələrində ödənişli xidmət də ləğv olunduğu üçün bu təbəqə arasında maaşların aşağı olması ilə əlaqədar ciddi narazılıqlar vardır.

İmkandan istifadə edərək hökumətin diqqətini Masallının bir sıra kəndləri üçün aktual olan bir problemə yönəltmək istərdim. Belə ki, Masallıda bəzi kəndlər hələ də içməli suyu maşınlara haqq ödəməklə alırlar. Bu kəndlərin çoxsaylı əhalisinin xahişinin nəzərə alınması və Masallı rayonu kənd­lərinin su təchizatının yenidən qurulması üzrə layihənin hə­yata keçirilməsi üçün...

Sədrlik edən. Sağ olun. Gülçohrə Məmmədova buyursun.

G.Məmmədova. Hörmətli cənab Sədr, hörmətli millət və­killəri və hökumət üzvləri! Müzakirə etdiyimiz 2012-ci ilin dövlət büdcəsi ölkəmizdə davamlı inkişafın, iqtisadi və sosial həyatın bütün sferalarında əldə edilən müsbət dəyişik­liklərin aynası və nəticəsidir. Dünyanın bir çox ölkələrinin yaşadığı uzunmüddətli böhranın fonunda Azərbaycanın uğur­ları daha əhəmiyyətli və miqyaslı görünür. Bu uğurların əldə edilməsi ilk növbədə ölkə rəhbərliyi tərəfindən müdrik siyasi strategiyanın ardıcıllıqla həyata keçirilməsinin və təbii sərvətlərdən əldə edilən gəlirlərin düzgün istiqamətlən­diril­məsinin nəticəsidir. 2012-ci ilin dövlət büdcəsi barədə mən­dən əvvəlki çıxışlarda səslənən müsbət fikirlərə qoşularaq büdcəyə səs verəcəyimi bildirir və bu sənədin hazırlan­masında iştirak edən bütün hökumət strukturlarının böyük əməyini qeyd etməyi vacib hesab edirəm.

Deputatlar tərəfindən bir çox təkliflərin artıq səsləndiyini nəzərə alaraq, diqqətinizi deputat seçildiyim Goranboy-Ağdam-Tərtər bölgəsinin bir neçə probleminə yönəltmək istəyirəm. Cəbhə xəttində olan başqa rayonlar kimi bu bölgə də xüsusi diqqət və qayğı tələb edir. Regionların inkişafı siyasətinin həyata keçirilməsi bu rayonların da simasını də­yişib. Bölgədə bir çox müsbət dəyişikliklər əldə edilmişdir. Eyni zamanda, problemlər də var.

Kənd təsərrüfatının inkişafını ləngidən problemlərdən bi­ri, bəlkə də əsası suvarma suyunun qıtlığıdır. Sərsəng su an­ba­rından gələn suyun ermənilər tərəfindən kəsilməsi quraq­lıq yay aylarında kəndlilərin təsərrüfatına çox ziyan vurur və bəzən də böyük zəhmət bahasına yetişdirilən məhsulu məhv edir. Bu problemin qismən həll edilməsi üçün dövlət proqra­mında nəzərdə tutulmuş Şəmkir maşın kanalının ikinci növ­bəsinin tikilməsinin tezləşdirilməsi çox vacibdir. 10 min hek­tar əkin sahəsinin suvarılması məqsədilə yalnız Goran­boy rayonunda tələb olunan 87 subartezian quyusundan, heç olmasa, bir qisminin qazılması üçün lazım olan vəsaitin gələn ilin büdcəsində nəzərdə tutulmasını xahiş edirəm.

Bölgədə heyvandarlıq inkişaf edir. Lakin ət və süd məh­sul­­larının emalı üçün müəssisələrin olmaması bu inkişafın qarşısını alır. Belə bir zavodun tikilməsi çox vacibdir və mən bu məsələyə yaxın zamanlarda baxılmasını xahiş edirəm.

Ölkəmizdə məktəb tikintisinə son illər misilsiz önəm verilir və bu sahədə gözəl nəticələr əldə edilmişdir. Qəbul etdiyimiz yeni Təhsil qanununun tam işləməsi üçün məktə­bəqədər müəssisələrin də inkişafı çox önəmlidir. Goranboy rayonunun böyük kəndləri olan Boluslu, Səfikürd və Nəri­manlı kəndlərində yeni uşaq bağçalarının tikilməsinin inves­tisiya proqramına salınması məsələsinə baxmağınızı xahiş edi­rəm. Bu işlərin görülməsi düşmən qarşısında mərdliklə da­yanmış sərhəd bölgəsinin əhalisinə böyük kömək ola bilər.

Sonda daha bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Azərbaycanın memarlıq abidələri tariximizin canlı şahidləri, qədim mədəniyyətimizin əyani sübutudur. Bu abidələrin qo­run­masına və bərpasına daha çox vəsait ayrılmalıdır. Bu sa­hə­də bütün işlər mütəxəssislər tərəfindən elmi bərpa qanunları və prinsipləri əsasında aparılmalıdır. Bunun üçün abidələrin tikinti materiallarını tədqiq edən laboratoriyalar, bərpa işləri üçün inşaat materialları istehsal edən xüsusi emalatxanalar yaradılmalıdır. Orta əsr abidələrinin bərpası müasir inşaat firmalarına yox, ixtisaslaşdırılmış bərpa təşki­lat­larına tapşırıl­ma­lıdır. Bütün bunlar isə ilk növbədə vəsait tələb edir. Ona görə mən bu sahənin də maliyyələş­diril­məsinə diqqət yetiril­məsini vacib hesab edirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.

G.Əhmədova. Təşəkkür edirəm, Oqtay müəllim. Hör­mət­li cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli Məc­lis! Mən ilk olaraq vaxtımızın azlığını nəzərə alıb demək istərdim ki, həmkarlarımdan Siyavuş müəllimin və Hikmət müəllimin çıxışlarına qoşuluram. Eyni zamanda, Rəbiyyət xanımın komitədə dediyi fikirləri də təkrar edərək yada sal­maq istəyirəm ki, bu gün Azərbaycanın bir çox bölgələrində artıq birinci sinfə gedən uşaqlar azərbaycanca danışa bilmirlər. Problem nədədir?

Uşaq bağçalarının özəlləşdirilməyə açıldığı dövrdə parla­mentdə bunun əleyhinə çıxan bir neçə nəfərdən biri də mən idim. O zaman bizi çox ciddi-cəhdlə inandırdılar ki, uşaq bağ­çaları özəlləşdirilmələrinə baxmayaraq, cənab Preziden­tin sərəncamında göstərildiyi kimi, öz təyinatlarını dəyişmə­yəcəklər. Bəli, cənab Prezidentin sərəncamında konkret ola­raq göstərilmişdir ki, özəlləşdirilən uşaq bağçaları heç bir halda təyinatlarını dəyişməməlidir. Amma bu gün həqiqət ondan ibarətdir ki, bir-iki bağçanı çıxmaq şərtilə özəlləş­diril­miş bütün bağçaların yerində binalar tikilib və onların heç biri öz təyinatı üzrə istifadə olunmayıb.

Mən indi Yaqub müəllimin və iqtisadi inkişaf nazirinin burada olmasından istifadə edərək onlardan təkidlə xahiş eləmək istəyirəm ki, bu gün hələ də özəlləşdirilməyə açıq olan uşaq bağçalarının özəlləşdirilməsi dayandırılsın. Çünki ulu öndərin dediyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” cümləsinin altında kifayət qədər böyük mənalar var. Bu mə­nalardan biri də ondan ibarətdir ki, Azərbaycanda yaşa­yan hər bir vətəndaş uşaqlıq dövründən, lap körpə yaşlarından Azərbaycan dilini öyrənməli və bilməlidir.

Amma bu gün reallıq ondan ibarətdir ki, bəlkə 20 ildən sonra bu zala gələcək millət vəkillərinin arasında da Azər­bay­can dilini bilməyən insanlar olacaq. Bu, bəlkə də kimin üçünsə hər zaman olduğu kimi, kiçik bir məsələ hesab edilə bilər. Amma əslində, bu, Azərbaycanda dövlət siyasətinin tər­­kib hissələrindən olan çox konkret və çox vacib məqam­lar­dan biridir. Mənə belə gəlir ki, bu gün Hikmət müəllimin də, Rəbiyyət xanımın da dediyi kimi, o bölgədə kimlərsə ge­dib başqa dillərdə özəl uşaq bağçaları açıb həmin dillərdə təd­risə başlasalar və bu işi özəl məktəblər də davam etdir­sələr, bu, gələcəkdə Azərbaycanın müstəqilliyinə və suve­ren­liyinə yönəlik çox ağır bir zərbə ola bilər. Ona görə mənə belə gəlir ki, bu məsələ üzərində çox diqqətlə fikirləşmək lazımdır və heç bir halda mənəvi məsələlərə, strateji məsələ­lərə, təhsil məsələlərinə bazar iqtisadiyyatı baxımından ya­na­şmaq olmaz. Bu məsələlər bazar iqtisadiyyatının meyar­ları baxımından həll olunmamalıdır.

Mən bir məsələni də nəzərinizə çatdırmaq istəyərdim. Bu gün Azərbaycanın ən ucqar bölgələrində enerji ilə, qazlaş­dır­­ma ilə bağlı məsələ uğurla həll olunur. Amma nə üçünsə Bakı şəhərində bu məsələ bəzən problemə çevrilir. Hələ bir neçə il bundan qabaq cənab Prezident əlaqədar qurumlar qarşısında bu məsələ ilə bağlı konkret vəzifə qoymuşdu və Bakıda bütün binaların istiliklə təmin olunması məsələsi artıq həll olunub qurtarmalı idi. Amma mənim seçildiyim Xətai rayonunda, konkret olaraq Məhəmməd Hadi küçəsində və digər küçələrdə insanların bu məsələlərlə bağlı çox böyük narazılıqları var. Əslində, çox kiçik məsələdir. Amma han­sısa orta səviyyəli məmurların laqeydliyi ucbatından bu məsələ yüzlərlə insanın narazıçılığına səbəb olan sosial bir problemə çevrilməkdədir. Mən xahiş etmək istərdim ki, Azərbaycanda çox geniş miqyaslı işlər görülən məqamda orta səviyyəli məmurlar öz məsuliyyətlərini dərk eləsinlər və əgər qarşılarına qoyulan hər hansı bir vəzifəni yerinə yetirə bilmirlərsə, həmin qurumların rəhbərləri tərəfindən ya cəza­lan­dırılsınlar, ya da bu işlərdən kənarlaşdırılsınlar. Çünki on­lara məktub yazmaqdan, onlarla bu mövzuda danışmaq­dan, – çox açıq və səmimi deyirəm, – mən artıq yorulmuşam.

Sədrlik edən. Sağ olun, Gülər xanım. Astan Şahverdiyev buyursun.

A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlarım, hökumət üzvləri, xanımlar və cənablar! Mən bizim müzakirəmizə təqdim olunan 2012-ci il dövlət büdcəsinin layihəsini dəstəkləyirəm. Rəqəmlərlə siz­ləri yormaq istəmirəm. Çünki Milli Məclisə təqdim olunan sənəddə bütün rəqəmlər göstərilib, müqayisələr verilib. Bu­na görə də mən bu büdcəni hazırlayanlara öz minnətdar­lığımı bildirirəm.

Mən büdcə haqqında geniş məruzə hazırlamışdım. Amma bu gün burada məcburi köçkünlərlə bağlı söylənən bir səhv fikir məni də ona reaksiya verməyə məcbur etdi. Oqtay mü­əl­lim, bilirsiniz ki, mən bu 6 ildə həmişə məsələnin məğzi ilə bağlı danışmışam. Amma bu gün bir balaca haşiyə çıx­maq istəyirəm. Düzdür, məndən öncə Bahar xanım o şəxsin arqumentlərlə cavabını verdi. Mən də öz fikirlərimi bildir­mək istəyirəm.

Burada cənab Hüseynov “hamıdan qabaq qaçanlar” ifadə­sini işlətdi. Mən başa düşmürəm, o bu sözü nəyə əsaslanaraq deyir? Çünki mən özüm elmlər doktoru, professor ola-ola həm də Qarabağ müharibəsinin veteranıyam. Şəxsən mən ailəm və qohumlarımla Araz çayından keçmişəm. Biz qa­baqcadan qaçıb gəlməmişik. Zəngilanlılar, qubadlılılar və füzulililər də bu həyatı yaşayıblar. Bu deyir ki, hamıdan qabaq qaçıb gələnlərin Bakıda olan cah-calallı villaları... Cənab cavab verə bilərmi ki, bir milyondan çox qaçqının neçə faizinin Bakıda belə cah-calalı var? Ona görə də mən ona tövsiyə edərdim ki, getsin cəbhə xəttinə.

Mən həm referendum, həm də bələdiyyə seçkilərində Fü­zuli rayonuna təhkim olunmuşdum. Füzuli rayonunun bir Alxanlı kəndi var. Cəbhə xəttindən, daha doğrusu, erməni əsgərlərinin dayandığı yerdən 500 metr kənardadır. Orada bütün sakinlər doğma kənddə qalıb yaşayırlar və təsərrüfatla məşğuldurlar. Məktəb də öz funksiyasını, vəzifəsini tam ye­rinə yetirir. Yəqin ki, cənab Hüseynova səs verən seçicilər onun burada dediklərini eşidəndən sonra bu deputatın əvə­zinə xəcalət çəkəcəklər.

İndi ANS-in xəbərlərindən sonra elektoratımdan mənə çoxlu zənglər gəldi. Onlar yığışıb Milli Məclisin qabağına gəlmək istəyirdilər. Lakin mən onları sakitləşdirdim, dedim, buna lüzum yoxdur, çünki biz, Qarabağ bölgəsindən olan və digər vicdanlı deputatlar onun cavabını verəcəyik.

Bildiyiniz kimi, mənim doğulduğum Cəbrayıl artıq 19 ildir ki, işğal altındadır. Mənim qohumlarımın hamısı məc­buri köçkünlərdir, özü də Biləsuvarda qəsəbədə yaşayırlar. Onlar əvvəlcə çadır şəhərciyində yaşayırdılar.

Mən başa düşə bilmirəm, doğma yurd-yuvalarını, ömür­ləri boyu yığdıqları varı, dövləti, əllərində olan irsi qoyub gəlmiş insanlar haqqında necə belə danışmaq olar. Bu ən azı insaf­sız­lıqdır. Deputat etikasına da sığmayan bir söz deyildi burada. O deputat bilsin ki, bura Milli Məclisdir, şou məclisi deyil. Millət vəkilləri də şoumen deyil. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Astan müəllim, Siz indi ağsaq­qal­sınız. Etibar Hüseynov bizim cavan deputatdır. Hələ kifa­yət qədər təcrübəsi yoxdur, hərdən bəzi etik normalara fikir vermir. Ona görə bu şeyləri çox siyasiləşdirmək, böyütmək lazım deyil. Məncə, hər kəs öz işini başa düşdü və deyilən­lərdən nəticə çıxaracaq. Buyursun Hadi Rəcəbli.

H.Rəcəbli. Hörmətli cənab Sədr, deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Azərbaycanın parlamentə təqdim olunan büdcəsi dünyada gedən maliyyə böhranı fonunda sözün əsl mənasında çox yüksək səviyyədə hazırlanmış və Azərbaycanın sosial durumuna cavab verən, həm parla­men­ti, həm də bizim seçicilərimizi qane edən büdcədir. Büdcə­nin əsas məziyyəti ondan ibarətdir ki, burada sosial məqsəd­lərə birbaşa ayırmalar 28 faiz təşkil edir. 10 il bundan öncəki rəqəmlərlə bugünkü rəqəmlər arasında sözün əsl mənasında yer ilə göy qədər fərq var. Nəzərə alsaq ki, bu illərə qədər müvafiq sosial müdafiə sistemində maddi-texniki baza yara­dılıb və maliyyə imkanları formalaşıbdır, bu rəqəmin nə qədər böyük olduğu bizə bir daha aydın olar. Bütün sosial müdafiə sistemində artımlar var. Amma mən indi bu sahə ilə bağlı bəzi fikirlərimi səsləndirmək istərdim.

Birincisi, səhiyyə ilə bağlı bəzi məsələləri qeyd etmək is­tə­yirəm. Bu nazirlik sistemində bu gün sağlam, işgüzar mü­hit formalaşıbdır. Lakin bizim səhiyyədə indi maddi-texniki baza intellekti qabaqlayır. Bu çox narahat bir vəziyyət yara­dıb. Biz bu gün yüksək səviyyəli xəstəxanalarımızda işlə­mək üçün mütəxəssis tapmırıq.

Bildiyiniz kimi, regionlarda çox böyük mərkəzlər yaranıb. Amma bu mərkəzlərin yanında, məsələn, ikiotaqlı üç mən­zilin formalaşması da vacib idi ki, bura biz mütəxəssis gön­dərə bilək. Mən düşünürəm, yaxşı olar ki, bu rayonlara ge­dəsi mütəxəssislərə əlavə birdəfəlik yardım verilsin və onla­rın mənzillə təmin olunması ön plana çəkilsin.

Səhiyyə işçilərinin əmək haqqından bu gün çox söhbət getdi. Mən də onunla tam razıyam ki, bu əmək haqqı çox aşağıdır. O bizim heç birimizi qane etmir. Amma bu gün tib­bi sığortanın bizim səhiyyəyə yol açmaması məni çox dü­şün­dürür. İllərdir, möhtərəm Prezident bu məqsədlər üçün vəsait ayırır. Amma bu nədənsə hökumət tərəfindən indiyə­dək icra olunmur. Bu da, əlbəttə, çox ciddi narazılıqla qarşı­la­nır. Düşünürəm ki, bu, qısa müddətdə həyata keçiril­mə­lidir.

Mən bir rəqəmi də səsləndirmək istəyirəm. Bu gün səhiy­yə­yə ayrılan vəsait ümumi daxili məhsulun içində 3,5 faiz təş­kil edir. Əlbəttə, gələcəkdə onun artması çox yerində olardı.

Bir məsələni də xatırlatmaq istəyirəm. Hamınız bilirsiniz ki, son illər çox hörmətli deputat həmkarımız Mehriban xa­nım şəkərli diabet xəstəsi olan uşaqların müalicəsinə xüsusi qayğı göstərir və bu uşaqlar hər il reabilitasiya mərkəzlə­rində istirahət edirlər. Düşünürəm ki, bu məqsədlər üçün Ma­liyyə Nazirliyi əgər Səhiyyə Nazirliyinə xüsusi vəsait ayı­rarsa, biz şəkərli diabet xəstəliyi olan bütün uşaqları Səhiyyə Nazirliyinin xətti ilə reabilitasiyaya cəlb edə bilərik.

Bu gün sosial müdafiə sisteminə də ayırmalar pis deyil, təxminən 10,1 faizdir. Amma diqqət yetirsək görərik ki, so­sial müdafiə sistemində müavinətlərin orta rəqəmi 40 manat­dan çox deyil. Biz pensiyaların sığorta hissəsini indeks­ləş­diririk. Amma nədənsə əlillərə verilən vəsaitin indeksləş­di­ril­məsi diqqətimizdən yayınmışdır. Düşünürəm ki, gələcək­də əlillərə verilən müavinətin də indeksləşdirilməsi, yəni ba­zarda olan inflyasiyaya uyğunlaşdırılması çox yerinə dü­şərdi.

Sosial müdafiə ilə bağlı bir rəqəmi də səsləndirmək istəyi­r­əm. Dünyada bu gün əlillərin əhaliyə nisbəti 10–15 faiz ara­sındadır. Amma nə qədər paradoksal olsa da, Azərbaycanda bu rəqəm 4,3 faiz təşkil edir. Hesab edirəm ki, əlilliyin qar­şısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi üçün ayrılan vəsaitin artırılmasının vaxtı gəlib çatıb və biz buna xüsusi diqqət yetirməliyik.

Lənkəran region mərkəzi kimi inkişaf edib, turizm mər­kəzidir. Ona görə də şəhər küçələrinin bərpasına vəsaitin bir qədər də artırılması məqsədəuyğun olardı. Lənkəranda bö­yük bir Xan sarayı var. 2013-cü ildə bu Xan sarayının 100 illiyi olacaq. Düşünürəm ki, onun bərpasına da vəsait ayrıl­saydı, yaxşı olardı.

Bütövlükdə büdcəni mən alqışlayıram. Ona səs verə­cəyəm və deputat həmkarlarımı ona səs verməyə çağırıram.

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.

A.Mirzəzadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hör­mət­li hökumət üzvləri, hörmətli deputatlar! Hesab edirəm ki, bizə təqdim edilən 2012-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycanın bugünkü və sabahkı maraqlarına tamamilə ca­vab verir. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin yü­rütdüyü siyasi kurs Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsinə, dünyada baş verən maliyyə və iqtisadi böh­rana qarşı Azərbaycanın sinə gərməsinə və Azərbaycan və­tən­daşlarının sosial problemlərinin durmadan həll edilmə­si­nə gətirib çıxarır. Vaxtaşırı paytaxtda və əyalətlərdə açılan məktəblər, yeni avadanlıqlarla təchiz edilmiş səhiyyə ocaq­ları, Azərbaycanın artıq nüfuzlu bir ölkə kimi dünyanın qlo­bal problemlərinin həllində iştirakı bir daha göstərir ki, mü­əy­yənləşdirilmiş siyasi xətt düzgündür və bu gün maraq­la­rımıza tamamilə cavab verir. Mən ümumən hesab edirəm ki, ölkəmizdə bütün sahələr üzrə çox balanslaşdırılmış bir büd­cə siyasəti yeridilir.

Mənim qaldırmaq istədiyim məsələlərin bir çoxunu depu­tat həmkarlarım qaldırdığına görə onları təkrar etmək istəmi­rəm. Amma bir məsələ var ki, ona mən münasibət bildirmək istərdim.

Artıq bir neçə iclasdır ki, “Azərenerji” Səhmdar Cəmiy­yə­­tinin ünvanına tənqidlər səslənir. Mən 10 ilə yaxın bu sis­temdə işləmişəm. Ona görə də onun ünvanına səslənən əsas­sız tənqidlərə, əlbəttə ki, cavab vermək məcburiyyətin­də­yəm. Bildirilir ki, bir neçə deputatın evində işıq sönüb və bu baxımdan “Azərenerji” rəhbərliyi cavab verməli, orada işlər barəsində hesabat verməlidir. Bildirmək istəyirəm ki, birin­cisi, “Azərenerji” Bakı şəhərində elektrik təchizatı məsələ­lərinə görə məsuliyyət daşımır. Bundan ötrü tamamilə müs­tə­qil olan “Bakıelektrikşəbəkə” deyilən təşkilat var və həmin təşkilat rəhbərliyi də öz işinin öhdəsindən gəlir.

Həm Azərbaycanda, həm də dünyada elektrik şəbəkəsin­də bu və ya digər abonentin işığının müvəqqəti olaraq kəsil­məsi tamamilə mümkündür. Azərbaycanda bu gün enerji şə­bə­kəsində hər hansı bir problem yoxdur. Axırıncı 5 il ərzin­də Azərbaycanın enerji istehsalı 30 faizə qədər artıb və 6 mil­yon kilovat-saata çatıb. Axırıncı 5 il ərzində ölkəmizdə 11 elektrik stansiyası tikilib və onların hər birinin açılışında Azərbaycan Prezidenti iştirak edibdir.

Azərbaycanın enerji sistemində yeganə zəif yer bu gün paylayıcı şəbəkədir. Sovetdən qalma bu paylayıcı şəbəkənin yenidən qurulması üçün milyard dollar vəsait tələb olunur. Bu gün “Azərenerji” sisteminə ayrılan vəsait ilk növbədə hə­min o şəbəkənin yenidən qurulmasına, əmək haqqının ödə­nil­məsinə və yeni stansiyaların tikilməsinə sərf edilir. Bu ba­xımdan mən çox istərdim ki, deputat həmkarlarım hər hansı bir sahəni tənqid edərkən həmin sahədə vəziyyətlə dərindən tanış olaydılar, lokal bir məsələni qlobal məsələ kimi Məclis tribunasından ictimaiyyətə çatdırmağa çalışmayaydılar.

Ümumən götürəndə, büdcə layihəsini mən mükəmməl hesab edirəm və ona hər hansı bir əlavəm yoxdur. Diqqəti­nizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.

L.Abdullayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Hör­mətli həmkarlar! Artıq neçə gündür ki, Azərbaycan Respub­likasının 2012-ci il dövlət büdcəsinin geniş müzakirələri aparılır. Bundan əvvəl dövlət büdcəsi Milli Məclisin bütün komitələri tərəfindən də müzakirə edilmiş və hörmətli de­putat həmkarlarım öz dəyərli təkliflərini səsləndirmişlər.

Layihə ilə tanış olduqdan sonra belə nəticəyə gəlinir ki, doğrudan da, ölkə rəhbərliyinin müəyyən etdiyi sosial yönlü dövlət siyasətinin bütün aspektləri, istiqamətləri 2012-ci ilin dövlət büdcəsində öz əksini tapmışdır. Dövlət büdcəsinin xərclərinin bölgüsü bunun əyani göstəricisidir.

Mən Sumqayıtı təmsil edən deputat kimi bir məsələyə diqqət çəkmək istərdim. Məlumdur ki, Sumqayıt ölkəmizin ən dinamik inkişaf edən böyük şəhərlərindən biridir və daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Ulu öndəri­miz Heydər Əliyev dəfələrlə Sumqayıta səfər etmiş, 1970–80-ci illərdə də, müstəqillik illərində də şəhərin inkişafına, genişlənməsinə birbaşa rəhbərlik etmişdir.

İndi Prezidentimiz cənab İlham Əliyev bu ənənəni davam etdirir. Sumqayıt bu gün də ölkə rəhbərliyinin diqqət mərkə­zində olan şəhərlərdən biridir. Bu il iyul ayının 7-də Prezi­dentimiz cənab İlham Əliyev Sumqayıta səfər etmiş, orada aparılan quruculuq, abadlıq işləri ilə tanış olmuş, sakinlərlə görüşmüşdür. O, sakinlərlə görüşündə demişdir: “Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, Sumqayıtda aparılan qu­ruculuq-abadlıq işləri bir neçə ilə başa çatacaq və Sum­qayıt ölkəmizin, regionun, bəlkə də dünyanın ən gözəl şə­hər­lərindən birinə çevriləcəkdir. Bu bizim hədəfimizdir”.

Bu gün dövlət büdcəmizin müzakirəsi zamanı biz görürük ki, cənab Prezident həmişə olduğu kimi, bu sahədə də Sum­qayıta öz qayğısını əsirgəməmişdir. Sanki cənab Prezidentin sözlərinin təsdiqi olaraq Sumqayıt şəhərinin 2012-ci il üçün 62 milyon 496 min manatlıq ümumi büdcəsi nəzərdə tutul­muşdur ki, bu da şəhər və rayonların ümumi büdcələri arasında Bakıdan sonra ikinci böyük büdcədir. Buna görə mən bu gün fürsətdən istifadə edərək Sumqayıt sakinlərinin ürəkdən gələn təşəkkür və minnətdarlıq hisslərini cənab Pre­zidentimizə çatdırmaq istəyirəm.

Bu gün Azərbaycanda təhsilə böyük diqqət və qayğı gös­tərilir. Mən özüm təhsil işçisi olduğumdan burada uşaq bağ­çaları ilə bağlı fikrimi qeyd etmək istəyirəm. Hər birimiz bilirik ki, bağçada məktəbəqədər təhsil ibtidai təhsilə dəstək olmaqla yanaşı, həm də uşağın fiziki, əqli sağlamlığını qoru­maq məqsədi daşıyır. Bu baxımdan YUNİSEF məktəbəqə­dər təhsili həyata ən yaxşı bir başlanğıc hesab edir. Bu gün ölkəmizdə uşaqların 20 faizi bağçaya gedir. Bağçalara çox böyük ehtiyac var. Dövlət tərəfindən bu sahədə, əlbəttə, çox işlər görülür. Amma düşünürəm ki, bu sahəyə gələcəkdə də vəsaitin artırılmasının diqqət mərkəzində saxlanılması yük­sək intellektli gələcəyimizin təminatının nəticəsi olardı.

Mən bütövlükdə büdcə layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, Leyla xanım. Eldar Quliyev.

E.Quliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hör­mətli hökumət üzvləri! Müzakirəyə təqdim olunmuş 2012-ci ilin büdcə layihəsi zərfinin təhlili onu deməyə əsas verir ki, hər il olduğu kimi, gələn ilin büdcəsi də ölkəmizin dinamik inkişafına, müdafiə qabiliyyətinin yüksəlməsinə, infrastrukturun yaxşılaşmasına, sosial məsələlərin həllinə, yoxsulluğun aradan qaldırılmasına, yeni iş yerlərinin açılma­sına, həlli vacib olan digər problemlərin aradan qaldırılma­sına yönəlmişdir.

Hər il olduğu kimi, bu il də dövlət büdcəsi layihəsinin mü­zakirəsində biz deputatlar seçildiyimiz dairəni əhatə edən ərazidə cari ildə əhalini narahat edən məsələlər, xüsusilə sosial problemlər barədə məlumat verir, çözülməsi vacib olan məsələlər haqqında fikir yürüdürük.

Mənim seçildiyim dairənin əhatə etdiyi Maştağa, Narda­ran, Bilgəh, Zabrat qəsəbələrində bu istiqamətdə müəyyən işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsində göstər­diyi köməyə, diqqətə, qayğıya görə Heydər Əliyev Fondu­nun prezidenti, hörmətli həmkarımız Mehriban xanım Əliye­vaya, təhsil naziri Misir Mərdanova, səhiyyə naziri Oqtay Şirəliyevə öz adımdan və seçicilərim adından minnətdarlıq və təşəkkürümü bildirirəm. Adı çəkilən qəsəbələrdə məktəb, uşaq bağçaları, uşaq və qocalar evləri, xəstəxana binaları təmir edilmiş, xəstəxanaların dərman və digər ləvazimatlarla təminatı xeyli yaxşılaşmışdır.

Bu qəsəbələrdə olan mədəniyyət evlərinin, tarixi abi­də­lərin təmir və bərpası iş planında nəzərdə tutulsa da, məndə olan məlumata görə, maliyyənin açılmaması üzündən bir az gecikir. Maliyyə naziri hörmətli Samir müəllimin burada olmasından istifadə edərək bu məsələnin nəzarətə götürül­məsini ondan xahiş edərdim.

Mən Aqrar siyasət komitəsinin üzvü kimi bu sahə ilə əla­qədar bir neçə məsələni sizin diqqətinizə çatdırmaq istəyi­rəm. Bildiyiniz kimi, yeni iqtisadi böhranın yaxınlaşması ilə əlaqədar olaraq beynəlxalq təşkilatlara mütəxəssislər kənd təsərrüfatı və ərzaq məhsullarının bahalaşacağı haqqında proqnozlar verirlər. Bu böhrana və bahalaşmaya indidən ha­zır­laşmalıyıq ki, onların təsirini keçmişdə olduğu kimi hiss etməyək.

Bununla əlaqədar olaraq, hesab edirəm ki, əlavə tədbirlər həyata keçirilməlidir. Tədbirlərdən biri dövlətin dəstəyi ilə kənd təsərrüfatı kooperativlərinin yaradılması, inkişafı və genişləndirilməsidir. Bizim komitə hazırda Kənd təsərrüfatı kooperativləri haqqında qanun layihəsini ikinci oxunuşa ha­zırlayır. Qanun qəbul edildikdən sonra, yəqin ki, dövlət büd­cə­sindən bu məqsədlə ayrılan vəsait də müvafiq sənədlərdə öz əksini tapmalıdır. Təəssüf ki, son vaxtlarda qəbul edilmiş “Arıçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və sair qanunlarda dövlət dəstə­yinə dair konkret müddəalar nəzərdə tutulsa da, büdcə zərfi hazırlananda bu məsələlər öz əksini tapmamışdır. Yaxşı olar­dı ki, büdcə layihələri hazırlanarkən belə qanunlar da nəzərdə saxlanılsın.

Mən təklif edirəm, dövlət proqramlarında xam pambığın emalı müəssisələri nəzərdə tutulsun. Nəzərinizə çatdırım ki, söhbət ilkin emaldan deyil, pambıqdan alınan son məhsulun istehsalından, yəni pambıq parçaların, pambıqdan alınan bit­ki yağlarının, yem və sair məhsulların hazırlanmasından ge­dir. Dövlət proqramlarında belə zavodlar nəzərdə tutulsay­dı, bunun, əlbəttə, sahibkarlığa böyük köməyi olardı.

Daxili bazarı qorumaq üçün məqsədəuyğun tədbirlərdən biri və bəlkə də ən əsası zəruri kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət sifarişinin verilməsi və normativlərin müəyyənləşdirilməsidir. Dövlət sifarişinin verilməsi zəruri kənd təsərrüfatı məhsullarının istehsalının tənzimlənməsi ilə yanaşı, aqrar sahədə istehsal olunan məhsulların istehlakçı­la­ra tam təminatlı şəkildə çatdırılması məsələsinin həllində öz köməyini göstərərdi. Dövlət sifarişi verilən məhsulların alın­ması üçün büdcədən vəsait ayrılması nəzərdə tutulmalıdır. Dövlət sifarişi verilən məhsulların idxalı mümkün qədər məhdudlaşdırılmalı və hörmətli Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə istehsalı mümkün olan məh­sul­lar ölkəmizdə istehsal edilməli və həmin məhsulların isteh­salı stimullaşdırılmalıdır.

Bu məhsullardan biri də çovdardır. Son vaxtlar çovdar unun­dan çox istifadə olunur. Biz onu xaricdən alırıq. Hal­buki çovdar məhsulu ölkəmizdə dağ və dağətəyi rayonlarda becərilir. Yaxşı olardı ki, buğda və çəltik istehsalçılarına hər hektara görə 40 manat verilməsi praktikası çovdar istehsa­lında da tətbiq olunsun.

Mən 2012-ci ilin büdcə layihəsini bəyənirəm, onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun. Sevinc Hüseynova.

S.Hüseynova. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Mü­zakirə etdiyimiz qanun layihəsi, hesab edirəm ki, əldə et­diyimiz nailiyyətləri əks etdirir və onun icrası ölkəmizdə iq­ti­­­sadi artıma, əhalinin sosial rifahının yüksəlməsinə, region­ların sosial-iqtisadi inkişafının davam etdirilməsinə təkan ve­rəcəkdir. Sözsüz ki, mən bu layihənin lehinə səs verə­cəyəm.

Bununla yanaşı, diqqətinizə bir məsələni çatdırmaq istər­d­im. Danılmaz faktdır ki, möhtərəm Prezident İlham Əliye­vin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları regionlarımızda aparılan siyasətin əsasını təşkil edir. Onların icrası Azərbaycanımızın simasını dəyişdirərək onu bütün bölgələrdə dinamik tərəqqi yaşayan bir ölkəyə çevirib. Artıq regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramının icrası 2 ildən sonra başa çatacaqdır. La­kin 91 min əhalisi, Ermənistan Respublikası ilə 123 kilometr sərhədi olan və ərazisində hərbi hissə yerləşən təmsil etdi­yim Gədəbəy rayonunun dayanıqlı elektrik təchizatı məqsədi ilə 2004–2008-ci illər üçün “Regionların sosial-iqtisadi inki­şafı Dövlət Proqramı”nda və ölkə regionlarının bir neçəsin­də, o cümlədən Gədəbəy rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 oktyabr tarixli sə­rəncamında nəzərdə tutulmuş 110 kilovoltluq Zəyəm–Gə­dəbəy elektrik xəttinin çəkilməsi ilə bağlı heç bir iş görül­məmişdir.

Maliyyə Nazirliyinə və “Azərenerji” Açıq Səhmdar Cə­miy­yətinə verilən sorğuların cavablarından aydın olur ki, layihənin icrası üçün maliyyə mənbəyi axtarılır və bu mənbə indiyədək müəyyən olunmayıb. Sual yaranır, bu tədbirin maliyyə mənbəyi məlum deyildirsə, o nə üçün dövlət proq­ramına salınıb? Ölkə rəhbərliyinin təsdiq etdiyi mühüm sənədlərdə nəzərdə tutulmuş tədbir indiyədək nəyə görə icrasız qalır? Bu tədbir icra ediləcəksə, nə vaxt? Çünki bizə təqdim olunan 2012-ci il büdcəsinin “Dövlət investisiya xərcləri” bölməsində bu layihə göstərilmir.

Hörmətli müzakirə iştirakçıları, son illər energetika sahə­sin­də çox mühüm işlər görülüb və nailiyyətlər əldə olunub. Zənnimcə, Zəyəm–Gədəbəy elektrik xəttinin çəkilməsi döv­lət proqramında energetika sahəsində icrasız qalmış yeganə tədbirdir.

Bir məqama da diqqətinizi yetirməyi xahiş edərdim. Sər­həd bölgəsində yerləşən Gədəbəy rayonu elektrik enerjisi ilə keçən əsrin ortalarında çəkilmiş və istismar müddətini çox­dan başa vurmuş 35 kilovoltluq elektrik xətti ilə təmin edilir. Həmin dövrlə müqayisədə abonentlərin sayı bir neçə dəfə artmış, elektrik naqilləri və dayaqlar köhnələrək sıradan çıxmışdır. Külək və dağlıq ərazilər üçün xarakterik olan tez-tez yağan yağışlar zamanı elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu isə əhalinin əhvalına və sahibkarlığın inkişafına mənfi təsir göstərir. Aidiyyəti qurumların bu ple­nar iclasda iştirakından istifadə edərək sözügedən məsələnin həll edilməsini və lazımi vəsaitin ayrılmasını təklif edirəm. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Sevinc Fətəliyeva.

S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri, hökumət nümayəndələri! Bir neçə gündür, biz büdcə layihəsi ilə tanış olub onu müzakirə edirik. Azərbaycanın mü­­haribə vəziyyətində olmasına, dünyada baş verən maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız intensiv inkişaf edir. Ölkəmiz güclənib varlandıqca bizim tələbatlarımız da artır.

Hər bir millət vəkili müəyyən bölgəni təmsil edir. Hər bir bölgənin özünəməxsus problemləri var. Sevindirici haldır ki, möhtərəm cənab Prezidentin təsdiq etdiyi “Regionların so­sial-iqtisadi inkişafı Dövlət Proqramı” əhalini narahat edən mə­sələlərin əksəriyyətini əhatə edir. Ümumiyyətlə, göz ye­tir­sək, dünyada elə bir ölkə yoxdur ki, orada problemlər möv­cud olmasın. Amma Azərbaycanın gənc dövlət olmasını nə­zə­rə alaraq biz həmişə xatırlamalıyıq ki, prioritet məsələ­lər var və prioritet məsələlər arasında da xüsusi prioritetə malik olan məsələlər var. Artıq övladlarımız gözəl, müasir şəraitdə təhsil ala bilir, əhalimiz müasir müalicə mərkəz­lə­rində müayinə oluna bilir. Ölkə üzrə bütün yolların yenidən qurulması, körpülərin tikintisi, təbii ki, iqtisadiyyata bilava­sitə təsirini göstərəcək. Azərbaycan həm də strateji yerləş­məsinə və Böyük İpək Yolunun üzərində olmasına görə re­giondakı nəqliyyat vacibliyini gündən-günə artırır və artı­racaq.

Düşünürəm ki, ümumiyyətlə, Azərbaycanda iki əsas prob­lem var. Problem nömrə 1, təbii ki, torpaqlarımızın işğal al­tın­da olması və problem nömrə 2 əmək haqlarının və təqaüd­lərin aşağı olmasıdır. Mən elm, təhsil, səhiyyə sahələri ilə bağlı təkliflərimdə orijinal olmayacağam. Bu təkliflər burada dəfələrlə səslənib. Artıq gənclər arasında müəllim və həkim olmaq istəyən çox azdır. Bu, müəllim və həkimlərin əmək haqlarının az olması ilə bağlıdır. Vaxt getdikcə Azərbaycan­da təhsil və səhiyyə sahələrində güclü mütəxəssis olmaya­caq. Müəllim və həkim kadrlarının keyfiyyətli olmasını tə­min etmək üçün bu peşə sahiblərini yüksək əmək haqları ilə təmin etmək lazımdır.

Bu yaxınlarda təhsil işçilərinin 65 yaşından təqaüdə çıx­ması barədə qanun qəbul edildikdən sonra bir neçə təhsil ocağı çox ağrıverici proses yaşadı. Həm universitetlərin rəh­bərliyi, həm də müəllim kollektivi üçün çox xoşagəlməz idi. Amma təsəvvür edin, əgər müəllimlərin təqaüdü kifayət qə­dər yüksək olsaydı, təqaüdə çıxmaq məsələsi tamamilə prob­lemsiz və avtomatik həll olunardı.

Ümumiyyətlə, hesab edirəm ki, təqdim olunan büdcə la­yihəsi 2012-ci ilin inkişafını tam təmin edəcək və mən buna səs verəcəyəm. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev.

S. Möhbalıyev. Hörmətli hökumət üzvləri, hörmətli de­putatlar, xanımlar və cənablar! Bu gün müzakirəmizə təqdim edilmiş 2012-ci il dövlət büdcəsi zərfini nəzərdən keçirərkən bir daha bu qənaətə gəlmək olur ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün və dünən bizim deputat yoldaşlarımız büdcə haqqında geniş çıxışlar etdilər. Maliyyə nazirinin, iqtisadi inkişaf nazirinin, Hesablama Palatasının sədri Heydər Əsədovun çıxışlarında büdcənin bütün parametrləri haqqında dəqiq, düzgün məlu­mat verildi.

Hər bir dövlətin iqtisadi inkişafı onun adambaşına düşən ümumi daxili məhsulu ilə ölçülür. Azərbaycanda 2011-ci ilin yekununda adambaşına ümumi daxili məhsul 3827 ma­nat gözlənilir. 2012-ci ilin layihəsində isə onun 4734,5 min manata çatdırılacağı planlaşdırılır. Bu onu göstərir ki, Azər­baycan iqtisadiyyatı düzgün istiqamətdə inkişaf edir.

Burada bizim millət vəkilləri büdcənin həm mədaxili, həm də məxarici ilə bağlı fikirlərini bildirdilər. Məlum oldu ki, bir çox deputatlarımızı Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinin neftdən asılılığı narahat edir. Yəni 2012-ci ildə dövlət büdcəsinin mədaxil hissəsinə Dövlət Neft Fondundan 9,9 milyard manat transfer ediləcək, 3 milyarda yaxın da Dövlət Neft Şirkəti və neft sahəsində çalışan digər şirkətlər tərəfindən cəlb olunacaqdır.

Hamıya məlumdur ki, ölkə Prezidenti hələ 2004-cü ildən dövlət büdcəsinin neftdən asılılığının ardan qaldırılması üçün bir çox dövlət proqramları imzalayıb və onları həyata keçirmək üçün qərarlar verib. Bunlar hansılardır? 2004–2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı, 2009–2013-cü illərdə bu proqram davam etdirildi. Yoxsulluğun aradan qaldırılması üçün Dövlət Proq­ramı, əhali arasında işsizliyin aradan qaldırılması üçün Döv­lət Proqramı, Azərbaycan vətəndaşlarının təhlükəsiz kənd təsərrüfatı məhsulları ilə təminatı haqqında Dövlət Proqramı. Bütün bu proqramların həyata keçirilməsi Azərbaycan büd­cəsinin neftdən asılılığının tədricən aradan qaldırılma­sına gətirib çıxarır.

Bu dövlət proqramlarının arxasında nə durur? Əmək ehti­yatlarından səmərəli istifadə olunması, regionlarda yeni iş yer­­lərinin yaradılması, köhnə müəssisələrin yenidən qu­rul­ma­sı, müasir avadanlıqlarla təchiz edilməsi, nəticədə yeni iş yer­lərinin açılması və yoxsulluğun aradan qaldırılması. Bu proq­ramlar həm də ixrac yönlü məhsulların istehsal olun­masını nəzərdə tutur. Yəni bu layihələrin həyata keçirilməsi tədricən Azərbaycan büdcəsinin neftdən asılılığını aradan qaldıracaq.

Bəzi deputatlarımızı yol infrastrukturuna vəsaitin çox ay­rılması narahat edir. Bunu hamı bilir ki, yol mədəniyyətdir, yol iqtisadiyyatdır. Kürdəmirə, Lənkərana və digər region­lara çala-çuxur yollarla hansı bir iş adamı gedib orada inves­tisiya qoya­caq? Birinci növbədə infrastruktur yaradılmalıdır ki, xarici iş adamları regionlara ürəklə gedib ora yatırım qoy­sunlar.

2011-ci ildə yarımçıq qalmış layihələrin maliyyələşdiril­məsi üçün büdcədə xeyli miqdarda vəsait ayrılır. Bakı–Tbi­lisi–Qars dəmir yolu da belə layihələrdəndir. Bu layihənin Gürcüstan tərəfinin maliyyələşdirilməsi onların vəsaiti olma­­ğına görə Azərbaycan dövləti tərəfindən həyata keçirilir. Bu həm siyasi, həm də iqtisadi mahiyyət daşıyır. Bu dəmir yolu işlədikcə Azərbaycan büdcəsinə tədricən yük daşıma­larından, sərnişin daşımalarından vəsait daxil olacaq.

Burada əmək haqqı barədə çox danışılır. Əmək haqları Azərbaycanda...

Sədrlik edən. Sağ olun, Səttar müəllim. Fəttah Heydərov buyursun.

F.Heydərov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, çox hörmətli deputat həmkarlar! İki gündür ki, biz qarşıdan gələn il üçün dövlət büdcəsinin bütün sahələr üzrə göstəricilərini geniş müzakirə edirik. Burada çıxış edən de­putat həmkarlarımın əksəriyyətinin o fikri ilə razılaşıram ki, bu çox əhatəli və inkişafımızı təmin edən hərtərəfli dü­şü­nülmüş bir büdcədir.

On altıncı dəfədir ki, mən ölkəmizin dövlət büdcəsinin müzakirəsində şəxsən iştirak edirəm. Birincini xatırlayıram – büdcə vəsaiti yox, pul yox, maliyyə mənbəyi yox, iş yeri yox, ehtiyac çox. Belə bir büdcə təsdiq etdik. Amma böyük ümidlər var idi, böyük perspektivlər var idi, ulu öndərin ha­zırladığı perspektiv planlar var idi. O ümidlə, o xətlə, o yol­la gələ-gələ bu gün biz elə gözəl bir büdcə müzakirə edirik ki, Dövlət Neft Fondunda bunun 42 milyard manat ehtiyatı, 21 milyard gəliri-çıxarı var. Belə bir büdcəni bə­yən­məmək bizə yaraşmaz. Büdcə hərtərəfli işlənib, çox gö­zəl tərtib olunub­dur. Mən bu büdcəyə səs verəcəyəm.

Bayaq bizim cavan deputatımız Dağlıq Qarabağ münaqi­şəsi nəticəsində Qarabağdan və digər rayonlardan, yaxud da hələ ondan qabaq Ermənistandan məcburiyyət qarşısında Bakıya gələn adamlar haqqında uğursuz bir ifadə işlətdi. Mənə belə gəlir ki, o, elə həmin ağır illərdə iş axtarmaq üçün Azərbaycanın hətta digər rayonlarından da Bakıya gələn adamlar haqqında danışırdı. Mən başa düşürəm ki, onun o uğursuz ifadəsi qaçqın və köçkünlüyün ağrısını öz üzərində hiss etmiş deputat həmkarlarımıza daha çox toxunub. Amma şəxsən mən onlardan xahiş edərdim ki, bizim cavan depu­tatımızın o barədə fikrini bir az düzəlişli qəbul etsinlər.

Mənə elə gəlir ki, bu gün bu büdcənin qəbul olunması əhalinin regionlara qayıdıb getməsinə şərait yaradır. Artıq ge­ri­yə axın başlayıbdır. Regionlarda gedən inkişaf, infras­t­ruk­­turun yaxşılaşması, yolların çəkilməsi, yeni sənaye mü­əs­sisələrinin tikilməsi insanları regionlara cəlb edir. Onu da qeyd etmək istəyirəm ki, indi Azərbaycanda kənd təsərrü­fatına xüsusi fikir verilir, çox böyük miqyasda üzümlüklər, meyvə bağları salınır, taxılçılıq inkişaf etdirilir, Azərbaycan­da məhsuldarlıq yavaş-yavaş artmağa başlayır. Yeni texno­logiyalar və sair də inkişafa təkan verir. Bunların nəticələri bəlkə də çox yaxın vaxtlarda bizə gəlib çatacaqdır. Bakıda toplaşan və burada o qədər də çox məşğul olmayan adamla­rı­mız tezliklə rayonlara qayıdacaq və hərə öz evində, eşiyində halal zəhməti ilə məşğul olacaqdır.

Mən büdcəyə səs verəcəyəm və hesab edirəm ki, vaxtdır, büdcəni səsə qoymaq olar. Sağ olun.

Sədrlik edən. Sağ olun, Fəttah müəllim. Rüfət Quliyev.

R.Quliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət üzv­ləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İlk növ­bədə qeyd etmək istəyirəm ki, 2012-ci il üçün büdcə qanu­nu­nun layihəsi hərtərəfli əsaslandırılmış, dövlətçiliyimizin və xalqımızın mənafeyinə cavab verən fundamental bir sə­nəddir. Layihə ilə tanışlıq göstərir ki, onu hazırlayıb ərsəyə gətirənlər sənədin sanballı olması üçün əllərindən gələni əsirgəməmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli göstəriş və çıxışlarından irəli gələn vəzi­fələrə tamamilə cavab verən mükəmməl bir layihəni müza­kirəmizə təqdim etmişlər.

Təhlil göstərir ki, ölkəmizin maliyyə vəziyyəti durmadan yaxşılaşır. Son illərdə iri maliyyə tutumlu möhtəşəm layihə­lərin həyata keçirilməsinə baxmayaraq, cari ilin 9 ayında valyuta ehtiyatımız 11 milyard dollar həcmində artaraq 42 milyard dollardan çox olmuşdur. Bu rəqəmləri bu gün bir neçə dəfə təsdiq etmişlər. Prezidentimiz cənab İlham Əliye­vin qeyd etdiyi kimi, bu bizə həm iqtisadi güc verir, investi­siya layihələrini icra etməyə imkan yaradır, həm də bizi istə­nilən çətinliklərdən, böhranlardan qoruyur və qoruyacaqdır.

Bu gün mən bir iqtisadçı alim kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycana yatırılan investi­si­ya­ların 75–80 faizi xarici investisiyalar idisə, indi Azərbay­can özü başqa ölkələrə, misal üçün, Türkiyəyə, Gürcüstana, Ukraynaya, Moldovaya investisiya qoyur. Hazırda Azərbay­ca­nın xarici dövlətlərə qoyduğu investisiyanın ümumi həcmi 6 milyarddan artıqdır. Qarşıdakı 5 ildə Türkiyədəki bir layi­hə üzrə Azərbaycan “Pektim-Holdinq”in yeni emal müəs­si­sə­sinin inşasına 5 milyard investisiya qoyacaq. Yaxın vaxt­lar­da bu dövlətlərin siyahısına Balkan ölkələri və başqa ölkə­lər də daxil olacaq.

Ölkəmizin özündə də mütəmadi olaraq yeni istehsal güc­ləri yaradılır və onların coğrafiyası genişlənir, bütün region­ları əhatə edir. Regional sosial-iqtisadi inkişaf proqramı bö­yük vüsətlə həyata keçirilir ki, bu da regionlarımızın iqtisa­diyyatının güclənməsi, simasının dəyişib gözəlləşməsi ilə ya­naşı, əhalisi üçün də böyük rahatlıq yaradır, yeni iş yerlə­rinin açılmasına təkan verir. Təsadüfi deyil ki, bir sıra bey­nəl­xalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının uğur­larını çox yüksək qiymətləndirirlər. Təkcə onu demək kifayətdir ki, son 20 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 74,5 dəfə, xərclər 82,7 dəfə, sosial yönümlü tədbir­lərə ayırmalar 41,5 dəfə artmışdır.

Aparılan iqtisadi islahatlar, həyata keçirilən çoxşaxəli quruculuq işləri əhalinin maddi vəziyyətini yaxşılaşdırır və gələcək nailiyyətlərimiz üçün möhkəm zəmin yaradır. Hazır­da ölkədə adambaşına düşən ümumi daxili məhsul 6 min dollardır ki, bu da MDB ölkələrində ən yüksək göstəricilər­dən biridir.

Sözsüz ki, bütün bu pozitiv dəyişikliklərin mənbəyi ulu ön­dərimiz Heydər Əliyevin dühasından qaynaqlanan və möh­tə­rəm Prezidentimiz cənab İlham Əliyevin titanik fəa­liyyəti nəticəsində uğurla həyata keçirilən məqsədyönlü siyasi xətdir. Əlbəttə, bu xətt 2012-ci ildə də uğurla davam etdiriləcəkdir.

Mən burada iqtisadiyyatımızın inkişafını əks etdirən çox rəqəmlər səsləndirə bilərdim. Amma onlar büdcə sənədlə­rin­də də olduğu üçün təkrara yol verib vaxtınızı almaq istəmi­rəm. Mən yalnız bəzi problemlər və məsələlərlə əlaqədar fi­kir­lərimi sizə çatdırmaq istərdim. Mən 73 saylı Lənkəran şə­hər seçki dairəsindən seçilmişəm. Bu gün fəxrlə deyə bilə­rəm ki, Lənkəranda və Lənkəranın kəndlərində işıq problemi tamamilə həll olunub. Amma qeyd eləmək istərdim ki, qazla bağlı bəzi problemlər var. Bu məsələyə fikir verilsəydi...

Sədrlik edən. Rüfət müəllim, qalanını yazılı şəkildə ve­rər­siniz. Çünki vaxta yenə baxmadınız. İlyas İsmayılov, buyurun.

İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr! Mən layihə ba­rəsində fikir söyləməzdən əvvəl ilk baxışdan çox adi gö­rünən, lakin mənim fikrimcə, böyük əhəmiyyət kəsb edən bir faktı xatırlatmaq istəyirəm. Milli Məclisin komitələrində büdcənin layihələri müzakirə olunanda əvvəllər şöbə müdiri gəlib layihələr barədə məruzə edər, verilən suallara ya cavab verər, ya da cavabını bilsə də, o cavabı deməyə risk elə­məz­di. Məsələn, mən keçən il soruşdum ki, ümümi daxili məh­su­lun həcmində kölgə iqtisadiyyatının həcmi nə qədərdir, o dedi, bizdə belə bir məlumat yoxdur. Ancaq sonra plenar iclaslarda nazirə sual verəndə, nazir bunu cavablandırdı. Çox gözəl haldır ki, bu il komitələrin iclasına hörmətli nazirimiz özü gəldi, layihəni özü təqdim etdi və çoxsaylı suallara cavab verdi. Mən bunu onun öz işinə yüksək məsuliyyətlə yanaşmasının əlaməti, qanunverici orqana – Milli Məclisə böyük hörmət əlaməti kimi qiymətləndirir və ona təşək­kü­rümü bildirirəm. Mən digərlərinin də bu yolla getməsini arzulayardım.

İndi layihə barədə. Müzakirə olunan büdcə layihəsinə gö­rə, 2012-ci ildə ölkədə istehsal olunan ümumi daxili məh­sulun 43 milyard 454,8 milyon manat həcmində olacağı gözlənilir. 2011-ci ilin yekunlarına görə real artım tempinin 0,9 faiz, 2012-ci ildə isə 2011-ci illə müqayisədə 5,7 faiz olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2011-ci ildə real artım tempinin kəskin düşməsinə baxmayaraq, gələn il artım tempi yenidən yüksələcəkdir.

Bu da müsbət haldır ki, ümumi daxili məhsulun isteh­salında qeyri-neft sektorunun payı ildən-ilə artır. Gələn il qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 57,3 faiz olması nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən təqribən 13 faiz çoxdur. Gələn il qeyri-neft sektorunda ümumi daxili məhsulun real artım tempinin 68,6 faiz olması gözlənilir. Hökumət gələn il ölkədə inflyasiyanın orta illik səviyyəsinin 6 faiz olmasını proqnozlaşdırır ki, bu da cari ildə gözləniləndən xeyli aşağıdır.

Hörmətli deputat həmkarlarım, bu deyilənlərlə yanaşı, diqqətinizi büdcə layihəsində əks olunan bəzi tendensiyalara və məqamlara yönəltmək istərdim. Birincisi, başqa ölkələrin təcrübəsi göstərir ki, icmal və eləcə də dövlət büdcəsinin gə­lir və xərclərinin kəskin surətdə artırılması iqtisadi baxımdan arzu olunan deyil. Bu, növbəti illərdə büdcənin formalaş­ma­sı istiqamətində problemlər yaşanmasına gətirib çıxara bilər.

İkincisi, Dövlət Neft Fondu 2012-ci ildə də büdcə gəlirlə­ri­nin formalaşmasında əsas mənbə olaraq qalacaq, büdcə gəlirlərinin 60 faizindən çoxu fondun transferləri hesabına həyata keçiriləcək. Başqa sözlə, 2012-ci ildə dövlət büdcə­sinin 9,9 milyard manat vəsaitinin, yəni il ərzində fonda daxil olan gəlirlərin, demək olar ki, hamısı büdcəyə transfert ediləcək. Ölkəmizin hələ də dondurulmuş müharibə vəziyyə­tində olduğunu nəzərə alsaq, bu onun, necə deyərlər, isti fazaya keçməsi təqdirində hərbi kampaniyanın sərbəst və ələlxüsus məhdudiyyətsiz aparılmasına, çox güman ki, mane ola bilər. Digər tərəfdən, transfertlərin hərbi hazırlıqla bağlı azaldılması haqqında bəyanat düşmən tərəfə siyasi və psixo­loji təsir göstərə bilər.

Bu transfertlərin azalması, təbii ki, sosial proqramın hesa­bına yox, məhz investisiya xərclərinin azaldılması hesabına baş verməlidir. Baxın, gələn il investisiya xərcləri 5,8 mil­yard manat, sosial yönümlü xərclər 4,7 milyard manat təşkil edəcək. Bu, büdcənin artıq sosial yönümlü deyil, investisiya yönümlü olacağını göstərir. İnfrastrukturun qurulması, inki­şaf etməsi müsbət hal olsa da, il ərzində böyük vəsaitlərin investisiya xərclərinə yönəldilməsi, zənnimcə, iqtisadi ba­xım­dan doğru deyil. Bir sözlə, büdcədən bu istiqamətdə ayrılan vəsaitlər nəinki illər üzrə artmamalı, əksinə, hər il əvvəlki ilə nisbətən azalmalıdır. Təbii ki, hüquqşünas kimi investisiya xərclərinin korrupsiya baxımından ən təhlükəli olduğunu da qeyd etməyə bilmərəm. 6 milyardlıq investisiya xərcləri nəhəng bir rəqəmdir. Bu vəsaitin məqsədyönlü xərclənməsini təmin etmək üçün, güman edirəm, əlavə ciddi nəzarət tədbirləri görülməli, bütün satınalmaların şəffaflığı və ictimai nəzarətin gücləndirilməsi təmin edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Musa Qasımlı.

M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri, hörmətli hökumət nümayəndələri! Təqdim edilən büdcə layi­hə­sinə səs verəcəyəm. Dünyanın qabaqcıl ölkələrini bü­rüyən iqtisadi böhranın davam etdiyi bir zamanda böhranın təsirinin ölkəmizdən yan keçməsi və bu il belə bir büdcə layihəsinin hazırlanması möhtərəm Prezidentimiz tərəfindən həyata keçi­rilən siyasətin konkret təzahürü kimi qiymətlən­dirilməlidir.

2012-ci il büdcəsinin sərmayə yönümlü olması hər bir azər­baycanlını sevindirməlidir, ən başlıcası ona görə ki, bir zamanlar biz borc istərdik, bizə borc verməzdilər, çünki ka­sıb idik, büdcəmizdə pul yox idi. Bu gün çox sevindirici bir haldır ki, Azərbaycan dövləti borc alan ölkədən borc verən, kapital ixrac edən sərmayədar bir ölkəyə çevrilib. Tarixdən də hamı çox gözəl bilir ki, böyük işləri yalnız böyük dövlət görə bilər. Bu gün mən çox sevinirəm ki, möhtərəm Prezi­dentimizin rəhbərliyi altında məhz bu istiqamətdə böyük işlər gedir.

İkincisi, Azərbaycanı müstəmləkə kimi görmək istəyənlər həmişə çalışıblar ki, Azərbaycanda kasıblar çox olsun, varlı­lar, zənginlər çox olmasın. Mən çox sevinirəm ki, bu gün Azər­­baycanda kasıbların orta təbəqəyə, orta təbəqənin zən­gin­lərə çevrilməsinə yönələn bir siyasət gedir. Biz, hər biri­miz Azər­baycanın zənginlər ölkəsinə çevrilməsinə çalışma­lıyıq. Bu isə sərmayələrlə, böyük əməkdaşlıqla həyata keçi­rilə bilər.

Mən bəzi məsələlərə öz münasibətimi bildirmək istəyi­rəm. Birinci, biz təhsilimizi, xüsusən ali məktəblərimizi, uni­versitetlərimizi gücləndirməliyik, ali məktəblərimizi xari­ci ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevirməliyik. Bu bizim həm büdcəmizə əlavə vəsait gətirər, həm də ölkə­mizin təbliğində mühüm rol oynayar. Həmin ali məktəbləri bitirən əcnəbilər gələcəkdə Azərbaycanın təbliğatçıları, səfirləri ola bilərlər.

İkinci, – bayaq Qənirə xanım da texniki peşə təhsilinin in­kişaf etdirilməsi məsələsinə diqqəti yönəltdi, – biz orta mək­təb məzunlarımızı, ali məktəblərə daxil olmayan gənc­lə­rimizi ixtisaslı fəhlələr, ustalar, mütəxəssislər kimi yetişdir­məkdən ötrü mütləq texnikli peşə məktəblərinə diqqət yetir­məliyik.

Üçüncü, böyük şirkətlərin gəlirləri artdıqca, vergilərin azaldılması məsələsində fayda görürəm. Çünki bir zamanlar inkişaf etmiş qabaqcıl ölkələrdə şirkətlərin gəlirləri artdıqca onların vergiləri azalardı, beləliklə, onlar yeni müəssisələr yaradardılar, yeni iş yerləri açılardı. Mən buna da baxıl­masında fayda görürəm.

Hökumət üzvlərinin burada olmasından istifadə edərək bir məsələni də söyləmək istəyirəm. Xarici mətbuatın yazdığına görə, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Braziliya ilan zəhəri ixracı üzrə mövqelərini getdikcə itir­mək­dədir. Hesab edirəm ki, büdcəmizə qeyri-neft sektorun­dan gələn gəlirlərdə mühüm yer tuta biləcək ilan zəhərinin ixracına diqqət artırılmalıdır.

Nəhayət, burada sırf seçicilərimlə bağlı bir məsələni hö­kumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Sumqayıt­dakı 9-cu mikrorayonda pensiyaçılarla dəfələrlə görüşmü­şəm. Onlar pensiyalarından razı olsalar da, pensiyalarının alın­masından ötrü bankomatın yerləşdiyi yerdən narazıdır­lar. Bankomat dörd yolun ayrıcında yerləşib, qocalar gedib çıxa bilmirlər. Mən dəfələrlə müraciət etmişəm, cavab veril­mir. Hörmətli Oqtay müəllim, mən bu məsələni qaldırmaq is­tə­məzdim. Amma hesab edirəm ki, Beynəlxalq Bankın nü­mayəndələri gedib o insanlarla görüşməli və ən azı bu ban­komatı başqa yerə köçürməyin mümkün olmamasının səbəb­lərini izah eləməlidirlər. Bu bir. İkincisi, mən “Azərenerji”­nin rəhbərliyindən və bir də məşğulluqla məşğul olan şəxs­lərdən Sumqayıta diqqət yetirmələrini xahiş edirəm.

Mən bu büdcəyə səs verəcəyəm, diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, büdcə layihəsinin müzakirəsində çıxış etmək istəyənlərin artıq 5 nəfəri qalıb. Mən istəyirəm, Çingiz Qənizadəyə söz verəm. Yazılanlar arasında əgər təkid eləyən yoxdursa, mən təklif edirəm, bu gün büdcə layihəsinin müzakirəsini bitirək ki, sabah Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcə­sinin müzakirəsini keçirək. Təkid eləyən yoxdur? Çingiz Qənizadə, buyurun.

Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli həmkarlar, hör­mətli qonaqlar! Büdcə ilə bağlı müzakirələr həm komitələrin müvafiq iclasında, həm də plenar iclaslarda artıq xeyli gün­dür ki, gedir. Komitələrin birgə iclasında maliyyə naziri cənab Samir Şərifovun iştirakı və hər bir millət vəkilinin qaldırdığı məsələyə diqqətlə yanaşıb cavablar verməsi ol­duq­ca təqdirəlayiqdir. Ümid edirəm ki, bu praktika növbəti illərdə də davam etdiriləcək. Ümumiyyətlə, büdcə zərfinin yüksək ixtisaslı mütəxəssislər tərəfindən hətta ən xırda mə­qamlar da göstərilməklə belə dəqiqliklə hazırlanması bu işə böyük məsuliyyət hissi ilə yanaşılmasından irəli gəlir. Mən, təbii ki, bu büdcəyə səs verəcəyəm.

Amma bəzi məqamlar var ki, çox istərdim, gələcəkdə nə­zərə alınsın. Komitələrin birgə iclasında mən bu məsələni qaldırmışdım. Səhiyyəyə və təhsilə ayrılan pulların gələn il üçün proqnozlaşdırılan artımı, mənə elə gəlir ki, normaldır. Amma müvafiq qurumlar bunun necə xərclənməsi və istifa­də olunmasına dair bizim qaldırdığımız məsələlərə diqqət yetirilməlidir. Yəni 2011-ci illə müqayisədə 2012-ci ildə təhsilə 12,6 faiz, səhiyyəyə 5,7 faiz çox vəsait ayrılsa da, hesab edirəm ki, bölünmə nisbətində, yəni sahələrə ayrılma məsələsində bizim təkliflərimiz nəzərə alınmalıdır. Mən niyə bu məsələni qaldırdım, çünki müəllimlərimizin və səhiyyə işçilərimizin əmək haqqı olduqca azdır. Eyni zamanda, bi­zim təmsil etdiyimiz bölgələrdə səhiyyə və təhsillə bağlı mü­əy­yən problemlər var. Burada həm məktəblərin təmirin­dən, həm də yeni məktəblərin tikintisindən söhbət gedə bilər. Mən komitələrin birgə iclasında da demişdim ki, bəzi kənd tibb məntəqələri tamamilə fəaliyyətsizdir. Gələcəkdə bunların nəzərə alınması məqsədəuyğun olardı.

Kənd yerlərində qrunt sularından əziyyət çəkən insanlar var. Bəzi kəndlərdə hətta şəxsi təsərrüfatlar qrunt suları üzün­dən məhv olub gedib. Yaşıllıqlar, taxıl, biçin sahələri məhv olur. Bu baxımdan gələn il mən bu qrunt sularının qu­rudulması məqsədilə drenaj işinin aparılması üçün müvafiq qurumların daha diqqətli olmasını arzulayıram.

Şoran torpaqların yuyulması da kənd təsərrüfatının inki­şafı üçün olduqca vacib məsələdir. Bizim təmsil etdiyimiz regionlarda kənd təsərrüfatı ilə məşğul olan insanlar bu sahədə əziyyət çəkdiklərini qeyd edirlər. Mən xahiş edərdim ki, növbəti ildə bu işin aparılmasına ayrılan vəsait bir qədər artırılsın və bu məsələnin həllinə önəm verilsin.

Kənd yollarının asfaltlaşdırılması məsələsi, düzdür, cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2000–2013-cü illəri əhatə edən proqramında nəzərdə tutu­lub. Artıq müəyyən rayonlarda kənd yollarının asfaltlaş­dı­rıl­ması məsələsində irəliləyiş var. Mən çox istərdim, bu işləri görəcək qurumların hesabına vəsait vaxtında ödənilsin ki, bu il daxili kənd yollarının çəkilməsi də başa çatsın.

Mən keçən iclasda dedim, bir daha qeyd edirəm, əhali arasında “Azərenerji”nin fəaliyyəti ilə bağlı çox böyük narazılıqlar var. Kənd yerlərində hətta elektrik dirəkləri belə yoxdur, köhnə transformatorlar, sadəcə olaraq, kosmetik dəyişiklik edilməklə yerində saxlanılır və bu da həmin yerlərdə elektrik enerjisinin insanlara fasilələrlə verilməsinə səbəb olur. Mən srağagün İmişli rayonunda bir kəndin 3 gün yanmayan işığını ancaq iki gündən sonra bərpa eləyə bildim.

Hesab edirəm ki, büdcədən ayrılan pulların hara və necə xərclənməsinə nəzarət gücləndirilməlidir. Bu, gələcəkdə nəzərə alınmalıdır.

Mən çox istərdim ki, qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin həcmi artırılsın, çünki bu, QHT-lərin xarici təşkilat­lardan asılılığına son qoyacaq.

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı tor­paq­lar var ki, dövlət qoruqlarının ərazisində yerləşir. Əhali təkidlə xahiş edir, bu torpaqların təyinatı turizmə uyğun dəyişdirilsin ki, turizmin inkişafında hansısa bir müsbət nəti­cə əldə olunsun.

Mən son olaraq Bakıda binaların istiliklə təmin olunması məsələsini qeyd edirəm. Bu binalarda yaşayan insanların...

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, həqiqətən, müzakirələri çox geniş apardıq. İndi biz hökumətə 10 gün vaxt verəcəyik ki, irəli sürülən təklifləri nəzərdən keçirib cavablar hazırlasın. Buna baxmayaraq, Samir müəllim artıq sabah bəzi məsələləri işıqlandırmaq istəyir. Mən təklif edirəm ki, sahabkı iclasımızı bu məsələ ilə başlayaq və sonra Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin müzakirəsinə keçək. Əgər başqa fikir yoxdursa, bugünkü iclasımız sona çatır, sabah görüşərik.

 

 

EDİLMƏMİŞ

ÇIXIŞLARIN MƏTNLƏRİ

 

23 noyabr 2011-ci il

Arif Alışanov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu gün müzakirə etdiyimiz 2012-ci il dövlət büdcəsinin layihəsi dövlətin əsas maliyyə sənədi olmaqla növbəti ildə müxtəlif sahələr üzrə həyata keçiriləcək siyasətin prioritet istiqamətləri barədə bizə geniş məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, təmkinli və uzun müddət üçün aktual olacaq iqtisadi siyasətin nəticə­si­dir ki, dünyada baş vermiş maliyyə böhranı Azərbaycana ciddi təsir etməmiş, bütün sahələrdə davam etdirilən islahat­lar ölkənin iqtisadi inkişafının sabit artımını təmin etmişdir.

Dünyanın kütləvi informasiya vasitələrindən də izlədiyi­miz kimi, dünya maliyyə-iqtisadi böhranının nəticələrinin tədricən aradan qaldırıldığı bir dövrdə stabil ölkə reytinqinə malik olan bir sıra inkişaf etmiş ölkələr büdcə xərclərini azaltmaq hesabına, o cümlədən əmək haqqı və pensiyaların azaldılması, pensiya yaşının artırılması, ərzaq və zəruri is­teh­lak mallarının, iş və xidmətlərin qiymət və tariflərinin ar­tırılmasına, heç də əhalinin güzəranına müsbət təsir etməyən digər iqtisadi alətlərin tətbiqinə baxmayaraq, bu gün də iq­tisadi problemlərin məngənəsindən çıxa bilməmişlər.

Cəmi 20 illik müstəqilliyə malik olan Azərbaycan dövləti dünyadakı maliyyə böhranı şəraitində xarici təsirlərin qarşı­sını məharətlə almaqla iqtisadiyyatda keçid dövrünü başa vurmuş, əmək haqqı və pensiyaların artımına nail olmuş, regionda lider ölkəyə və bir sıra regional layihələrin həyata keçirilməsində donor dövlətə çevrilmişdir. Bütün bunlar bey­nəlxalq maliyyə institutları, aparıcı reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilmişdir.

Azərbaycan iqtisadiyyatı tamamilə yeni bir iqtisadi müs­təviyə qalxmaqla iqtisadi artım sürətinə, o cümlədən iqtisa­diy­yata investisiya qoyuluşuna görə aparıcı ölkələr sırasına qoşulmuş, postsovet məkanında ilk dövlət olaraq orta gəlirli ölkələr sırasına çıxmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dili ilə de­sək, Azərbaycan iqtisadiyyatı 20 illik müstəqillik dövründən sonra bu gün Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 83 faizini təşkil edir.

Cari ilin ötən 9 ayı ərzində də ölkə iqtisadiyyatında müs­bət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 9 ayı­nın statistik göstəricilərinə nəzər salsaq, ümumi daxili məh­sulun real artım sürətinin 0,5 faiz təşkil etdiyini görərik. Ey­ni zamanda, bu göstəricinin qeyri-neft sektoru üzrə 8,2 faiz təşkil etməsi müşahidə olunur. Bu isə bizə onu deməyə əsas verir ki, düşünülmüş şəkildə həyata keçirilən neft sektoru­nun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdiril­mə­si siyasəti öz müsbət nəticələrini verməkdədir.

Dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin fo­nun­da ölkədə əhalinin gəlirlərinin artım sürəti inflyasiyanın göstəricisindən yüksək olmuş, əhalinin gəlirlərinin artım sürəti 19,2 faiz təşkil etmişdir.

9 ay ərzində bütün mənbələr hesabına iqtisadiyyatın müx­təlif sahələrinə 7,6 milyard manat həcmində investisiya qo­yuluşu həyata keçirilmişdir ki, bu da bir çox sosial və iqtisa­di təyinatlı layihələrin gerçəkləşməsinə imkan vermişdir.

Cari ilin oktyabr ayının əvvəlinə ölkənin valyuta ehtiyat­ların­­ın həcmi 40 milyard ABŞ dollarını ötmüş, əhalinin bank­lardakı əmanətlərinin məbləği ötən ilin müvafiq dövrü­nə nisbətən 34,5 faiz artaraq sentyabr ayının 1-nə 3,7 mil­yard manata çatmışdır.

Bu dövr ərzində dövlət büdcəsinin gəlir və xərc hissələ­rinin icrasında, göründüyü kimi, problemlər mövcud deyil və 2012-ci il büdcə zərfinə daxil edilmiş sənədlərə əsasən 2011-ci il dövlət büdcəsinin gəlir və xərclərinin normal icra olunacağı gözlənilir. Bu isə dövlət büdcəsi vasitəsilə həyata keçirilən işlərin uğurla başa çatdırılmasına zəmin yaradır.

2012-ci il dövlət büdcəsi layihəsi vaxtından əvvəl və qanunvericiliklə zəruri olan sənədlərlə birlikdə Milli Məclisə təqdim olunmuşdur.

Bir faktı da qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Milli Məclisin müzakirəsinə təqdim olunan sənədlərə 2012–2015-ci illəri əhatə edən ortamüddətli dövr üçün dövlət büdcəsi göstəriciləri əlavə olunmuş, dövlət investisiya qoyuluşu və xarici kreditlər hesabına həyata keçiriləcək investisiya layi­hə­ləri barədə bizlərə ətraflı məlumat təqdim edilmişdir. He­sab edirəm ki, bu sənədlər büdcə xərclərinin şəffaflığının artırılması istiqamətindən növbəti addım olmaqla, bizə döv­lət büdcəsi vəsaitlərinin ortamüddətli dövr üçün istifadə isti­qa­mətləri barədə əlavə məlumat verir.

2012-ci il dövlət büdcəsinin layihəsi möhtərəm Preziden­timizin elan etdiyi kimi, həm sosial, həm də investisiya yö­nümlü olmaqla bir çox proqram və layihələrin həyata keçi­ril­məsi üçün maliyyə təminatını özündə birləşdirir.

Son illər dövlət büdcəsinin iqtisadiyyatın dövlət tənzim­lən­məsində rolu artmaqla yanaşı, tarazlı iqtisadi siyasət hə­ya­ta keçirilir. Belə ki, dövlət büdcəsi layihəsi tərtib olunar­kən makroiqtisadi sabitliyin qorunub saxlanılması ən əsas vəzifələrdən birini təşkil edir. Təqdim olunmuş Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və so­sial inkişaf konsepsiyası və proqnoz göstəriciləri əminliklə sübut edir ki, növbəti illərdə də makroiqtisadi sabitlik qoru­nub saxlanılmaqla, iqtisadi inkişaf təmin ediləcəkdir.

2012-ci ilin dövlət büdcəsində ölkə üçün mühüm əhəmiy­yət kəsb edən bir çox prioritet vəzifələrin və tədbirlərin hə­ya­ta keçirilməsi üçün vəsait nəzərdə tutulmuşdur. Bunların sırasına ölkənin müdafiə potensialının gücləndirilməsi, regionların və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, alternativ enerji mənbələrinin yaradılması, XXX Yay London Olimpiya oyunlarına hazırlıq, ərzaq təhlükəsizliyi, “Elektron Azərbaycan” layihəsi və bu kimi onlarla layihələri və tədbirləri aid etmək olar.

2012-ci il dövlət büdcəsinin layihəsi və dövlət büdcəsi zərfinə daxil edilən sənədlər yüksək peşəkarlıqla hazır­lan­mışdır. Bu prosesdə zəhməti olan hər bir insana dərin təşək­kürümü bildirirəm. Hesab edirəm ki, növbəti ilin dövlət büdcəsi makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın inkişafına və əhalinin maddi rifah halının yaxşılaşmasına birbaşa xidmət edəcəkdir.

Mən 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin lehinə səs verəcəyəm və hər birinizi bu kontekstdə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.

Çingiz Əsədullayev. Hörmətli Sədr, hörmətli millət və­kil­ləri və hökumət nümayəndələri! Bildiyimiz kimi, 2009-cu ildə dünyada baş verən iqtisadi və maliyyə böhranından sonra ölkədə son illər ərzində formalaşmış büdcə siyasəti dəyişdi. Əvvəlki illərdə neftin dünya bazarlarındakı qiyməti­nin yüksələn xətt üzrə inkişafına əsaslanaraq, dövlətin əsas maliyyə sənədinin gəlir və xərclər hissəsindəki rəqəmlər durmadan artırılırdısa, ötən ilin büdcə sənədlərində ilk dəfə olaraq bunun əksi edildi.

Büdcənin konsepsiya və proqnozlarının hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının da­vam­lılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyl­ləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər fak­torlar nəzərə alınıb.

Gələn ilin büdcə zərfində proqnoz göstəriciləri indiki büd­cə zərfi ilə müqayisədə bir qədər yüksəkdir. Layihədə ümumi daxili məhsulun artım dinamikası, iqtisadiyyatın müx­təlif sahələri üzrə inkişaf indikatorları nəzərə alınıb və buna uyğun təmkinli, praqmatik və inkişafa zəmin yaradan büdcə paketi tərtib olunub.

Bununla belə, gələn ilin dövlət büdcəsində qeyd edilən pozitiv tərəflərlə yanaşı, neqativ tendensiyalar hələ qalmaq­dadır. Bu problemlərin bir qismi əvvəlki illərdə də müşahidə edilib, bəziləri isə son illər daha da kəskinləşib.

Təbii ki, ən mənfi hal, bütün obyektiv səbəblərə baxma­ya­raq, budcənin gəlirlərinin əsas hissəsinin məhz sabit neft gəlirləri, Dövlət Neft Fondundan (DNF) transfer əsasında formalaşmasıdır.

Məqsədli dövlət fondları xərclərinin izlənməsindəki problemlər hələ də qalmaqdadır.

Büdcə xərclərinin proqram təsnifatı hələ də aparılmır.

Hesab edirəm, dövlət büdcəsinin artım tempinin azalması riskindən qurtulmaq üçün innovasiyalı makroiqtisadiyyata keçmək, iqtisadi artımın neftdən asılılığını neytrallaşdırmaq lazımdır. Belə ki, makroiqtisadi hesablamalarda istehlak de­ter­minasiyası riskləri və kapital yığımı nəzərə alınmalıdır. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inki­şafı üzrə milli strategiya işlənməli, bu sahədə dövlət proq­ramlarının həyata keçirilməsinə nəzarət gücləndirilməlidir. ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması üçün sahibkarlıq və investisiya mühitinin təkmilləşdirilmə­sinə ehtiyac var.

Qeyri-neft ixrac potensialının və vergi ödənilməsi bazası­nın payının artırılması üçün dövlət dəstəyinin növbəti mər­hələsinə başlanmalıdır.

Hökumət büdcəyə daha çox strateji resurs qoymalı, fiskal siyasəti dövlət səviyyəsində qəbul edilən uzun və orta müd­dətli proqram və strategiyalarla bağlamalıdır. Azərbaycan Res­publikasının vahid büdcə təsnifatında, büdcədə əksini ta­pan paraqraflar, maddələr, qeydlər və real xərclər tələblərlə uyğunlaşdırılmalıdır.

Digər tərəfdən, dövlət xərcləri inflyasiyaya ən ciddi təsir edən amillərdəndir. Ona görə onların yerli iqtisadiyyat tərə­findən tam absorbsiyası üçün mexanizm yaradılmasına ehti­yac var.

Hörmətli iclas iştirakçıları, təqdim olunmuş büdcə layihə­sinin müzakirəsi kontekstində bir məqama toxunmaq istər­dim. Təmsil olunduğum komitənin və Milli Məclisin plenar iclaslarında bundan öncə dəfələrlə bir sıra problemlərin ol­du­ğunu və onların aradan qaldırılması istiqamətində fikir və təkliflərimi gündəmə gətirsəm də, aidiyyəti dövlət qurumları bu məsələlərə münasibət bildirməmişdir. Bunların sırasında maliyyə lizinqi bazarının inkişaf etdirilməsi məqsədilə lizinq şirkətlərinin tamamilə ƏDV-dən azad olunması; regionlarda turizmin inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı sahə­sində olduğu kimi, bu sahədə fəaliyyət göstərən obyektlərə güzəştlərin müəyyən olunması; səhmlərin buraxılması nəti­­sində səhmdar cəmiyyəti tərəfindən əldə olunan gəlirə vergi güzəştlərinin təyin olunması və sair kimi təkliflər ver­mişdim.

Bu gün yenə də qiymətli kağızlar bazarının inkişafı prob­lemlərinə toxunmaq istərdim. İctimaiyyətimizin bir hissəsin­də, xüsusən də bir sıra professional iqtisadçılar arasında belə bir fikir yaranıb ki, qiymətli kağızlar bazarının inkişafı zəruriyyəti aşağıdır. Guya məhz qiymətli kağızlar bazarında inkişaf templərinin aşağı olması dünyada baş verən iqtisadi və maliyyə böhranından iqtisadiyyatımıza dəyə biləcək zərbələrin bizdən yan keçməsinə imkan yaratmışdır. Hesab edirəm ki, bu tamamilə yanlış fikirdir.

Müstəqil Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının yaranması yeni iqtisadi tariximizdə ən önəmli hadisələrdəndir. Ona görə ki, bu bazarın mövcudluğu hər ölkənin iqtisadi tərəqqi amillərindən, Azərbaycanı dünya iq­ti­sadi sisteminə yaxınlaşdıran vacib maliyyə infrastrukturla­rın­dan biridir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ba­zar münasibətləri modeli üçün şaxələnmiş maliyyə sektoru və xüsusən də, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcudluğu zəruridir. Qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiy­yatın tənzimlənməsi imkanlarını genişləndirir, maliyyə resurslarının real sektora cəlb edilməsini və sahələrarası sər­mayə axınlarını asanlaşdırır. Həmçinin, korporativ idarəet­mə, təsərrüfat fəaliyyətində şəffaflığın artırılması kimi zəruri tələblər irəli sürməklə bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir. Onu da qeyd edim ki, bir bazar olaraq qiymətli kağızlar bazarı digər əmtəə bazar­ların­dan heç də fərqlənmir.

Qiymətli kağızlar bazarının keyfiyyətcə yeni inkişaf sə­viyyəsinə qaldırılması və qeyri-neft sektorunun kapitallaş­ma­sını təmin edəcək effektiv maliyyə vasitəçisinə çevrilmə­sinin vacibliyi 16 may 2011-ci il tarixdə qəbul edilmiş Azər­baycan Respublikasının Prezidentinin “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında bir daha vurğulanmışdır. Bu tədbirlər sırasında kapital bazarında vergiqoyma şərtlərinin qabaqcıl beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi, o cümlədən investisiyalardan və qiymətli kağızlarla əməliyyat­lar­dan əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiqi nə­zərdə tutulmuşdur.

Təcrübədə kapital bazarlarının inkişafını stimullaşdırmaq məqsədilə effektiv rəqabət şəraiti, şəffaf və əlverişli fəaliy­yət mühitinin formalaşdırılması ilə yanaşı, səmərəli vergi rejiminin yaradılması, o cümlədən vergi güzəştləri və bu kimi təşviq xarakterli tədbirlər də geniş tətbiq edilməkdədir. Polşa, Slovakiya, Macarıstan, Cənubi Koreya, Vyetnam ki­mi ölkələrin qiymətli kağızlar bazarında tətbiq edilən çevik vergi rejimi bu ölkələrdə qiymətli kağızlar bazarının inkişa­fına güclü təkan vermiş, iqtisadiyyatın maliyyələşmə imkan­larının daha da genişləndirilməsi ilə nəticələnmişdir. Bu isə həmin ölkələrdə real sektorun sürətli inkişafını və rəqabət qabiliyyətinin artırılmasını təmin etmişdir.

2010-cu il yanvar ayının 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı qanun qəbul edilmiş, lakin bu güzəştlər investisiya qiymətli kağızları üzrə fiziki şəxslər tərəfindən əldə olunan faiz və dividendlərə aid edilməmişdir.

Qeyd edim ki, dünya iqtisadiyyatında davam edən proses­lər nəzərə alınmaqla ölkə Prezidentinin qərarı ilə iqtisadiy­yat­da vergi yükünün azaldılması məqsədilə 2010-cu il yan­va­rın 1-dən etibarən mənfəət və gəlir vergisinin azaldıldığı şəraitdə investisiya qiymətli kağızları üzrə vergi güzəştinin ləğvi kapitala vergi yükünün artması ilə nəticələnmişdir. Belə ki, güzəştlərin ləğvi 22 faizdən 20 faizə endirilən mən­fəət vergisini dividendlərin paylanmasından əvvəl mənbədən tutulan 10 faiz vergi hesabına effektiv olaraq 28 faizə yük­səltmişdir.

Nəticədə, 2010-cu ildə hüquqi və təşkilati sadələşdirmə, ge­niş təşviqedici tədbirlərin davam etdirilməsinə baxmaya­raq, qiymətli kağızlar bazarında əməliyyatların sayı və həc­mi əhəmiyyətli dərəcədə azaldılmışdır. Belə ki, 2010-cu il ərzində səhm bazarı 2009-cu il ilə müqayisədə (dövlət müəs­sisələrinin kapitallaşması istisna olmaqla) 20% daralmışdır. 2009-cu il ilə müqayisədə 2010-cu ildə korporativ qiymətli kazğızlarla əməliyyatların sayı 35%, dövlət qiymətli kağız­ları ilə əməliyyatların sayı 18%, real sektor tərəfindən istiq­raz buraxılışlarının həcmi isə 5 dəfə azalmışdır. Qeyd etmək lazımdır ki, bu proseslər ölkənin sabit və möhkəm makroiq­ti­sadi durumu, o cümlədən ilk dəfə olaraq investisiya səviy­yəli suveren reytinq alması ilə əlaqədar xarici investorların bazara marağının əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə baş vermişdir.

Bütün bunlar ölkənin maliyyə sektorunda rəqabət mühiti­nin artırılması, real sektorun ucuz və uzunmüddətli maliyyə resurslarına davamlı çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımların effektivliyini azaltmışdır. Qeyd edilməlidir ki, hələ o zamankı müzakirələr dövründə aparılmış təhlillər investisiya qiymətli kağızlarına tətbiq edi­lən vergi güzəştlərinin ləğvinin büdcəyə mühüm daxilol­malar vəd etmədiyini təsdiqləyir. Belə ki,son iki ildə güzəşt­lə­rin ləğvi nəticəsində büdcəyə toplam 19,7 milyon manat əlavə vəsait daxil olmuşdur ki, bunun da 12,3 milyon manatı vergi güzəştlərinin qüvvədə olduğu 2009-cu ilin mənfəətin­dən paylanmış dividendlərdən tutulmuş vergilərə aiddir. Bu isə 2010-cu il üzrə qeyri-neft büdcə gəlirlərinin 1 faizini belə təşkil etmir.

Bununla yanaşı, xatırlatmaq istərdim ki, Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı məqsədilə 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən “FIRST Initiative” proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının hazırlanmasına texniki dəstək göstərilməsi barədə razılıq əldə edilərək QKDK və Dünya Bankı tərə­findən birgə “Kapital bazarlarının modernləşdirilməsi” layi­həsi hazırlanmışdır. Layihədə qiymətli kağızlar bazarının təşkilati və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazanın inkişafı istiqamətlərində aparılan islahatların həyata keçirilməsində komitəyə texniki yardımın göstərilmə­si nəzərdə tutulmuşdur.

Artıq noyabr ayında Dünya Bankı tərəfindən idarə edilən FIRST proqramı üzrə layihə çərçivəsində qiymətli kağızlar bazarının qiymətləndirilməsi işi yekunlaşdırılıb və bu sahədə ortamüddətli inkişaf strategiyasına dair strateji sənədin layihəsi hazırlanıb.

Lakin bütün bunlarla yanaşı, ölkədə investorların bazarda kifayət qədər fəal təmsil olunmaması, investisiya fondlarının formalaşmaması, fiziki şəxslərin bazarda zəif iştirakı kimi problemlərin mövcudluğu qiymətli kağızlar bazarının inkişa­fını ləngidir. Təbii ki, onların yaxın zamanda həlli iqtisadiy­yatımızın inkişafına yeni təkan verə bilərdi. Diqqətinizə görə təşəkkür edirəm.

 

Cavanşir Feyziyev. Hörmətli Sədr, hörmətli hökumət üzv­ləri, hörmətli deputat həmkarlarım! Azərbaycanın 2012-ci il döv­lət büdcəsinin layihəsi gələn il ölkədə ÜDM-in 5,7 faiz ar­ta­cağı, inflyasiyanın 6 faiz, manatın dollara nisbətdə məzənnə­sinin 79 qəpik təşkil edəcəyi, neftin 1 barrelinin qiy­­mətinin 80 dollar olacağı barədə proqnozlar əsasında tərtib edilmişdir.

Qlobal iqtisadiyyatda, xüsusən də Avropa məkanında baş verən proseslər göstərir ki, qlobal maliyyə-iqtisadi böhranın haqqında danışılan ikinci dalğası hər halda 2008–2009-cu illər səviyyəsini aşmayacaq. Ona görə də gələn il neftin 1 barrelinin qiymətinin 80 dollardan yüksək, yəni təxminən 100 dollar ətrafında olması ehtimalı daha böyükdür. Belə olan halda, büdcə layihəsində neftin qiymətinin 80 dollar nəzərdə tutulması onun real və eyni zamanda, risklərdən xeyli dərəcədə sığortalanmış olduğunu, eləcə də layihənin ölkə iqtisadiyyatında və qlobal iqtisadiyyatda gedən proses­lər nəzərə alınmaqla tərtib edildiyini göstərir.

Gələn il dövlət büdcəsi gəlirlərinin 2011-ci illə müqayi­sədə 5,7 faiz, xərclərin isə 6,5 faiz artması proqnozlaşdırıl­mış­dır. Büdcənin gəlir və xərclərinin 2012-ci ildə də artacağı öz-özlüyündə müsbət haldır və ölkənin iqtisadi inkişaf vəzifələrinin lazımi səviyyədə həyata keçirilməsi üçün eti­barlı zəmin yaradır. Burada ən maraqlı cəhət isə ondan iba­rətdir ki, dövlət büdcəsinin gəlir və xərclərinin artımı birbaşa ölkədə ümumi daxili məhsulun artım tempi ilə əlaqələndiril­mişdir ki, bu da makroiqtisadi tarazlığın qorunub saxlanıl­ması baxımından olduqca vacibdir.

Proqnozlara görə, gələn ilin büdcə gəlirləri ÜDM-in 37,8 faizi, xərcləri isə ÜDM-in 39,1 faizi səviyyəsinə çatacaqdır. Bu rəqəmlər büdcə sisteminin sosial yönümlü büdcə modeli istiqamətində formalaşdığını göstərir və hökumətin cəmiyyət qarşısında sosial öhdəliklərini lazımi səviyyədə yerinə yetir­mə­sinə xidmət edir. Büdcə xərclərində sosial yönümlü xərc­lərin, həmçinin təhsil, səhiyyə, elm kimi sahələrə ayrılan vəsaitin artım tempinin büdcə xərclərinin artım tempindən çox olması 2012-ci ilin dövlət büdcəsinin ən önəmli müsbət cəhətlərindəndir. Büdcə xərclərinin 6,5 faizlik artımı fonun­da təhsil xərclərinin 12,6 faiz, sosial müdafiə və sosial təmi­nat xərclərinin 10,5 faiz, elm xərclərinin isə 7 faiz artırılması nəzərdə tutulmuşdur ki, bu da büdcə layihəsinin tərtibi za­ma­nı onun sosial mahiyyətinin ön plana çəkildiyini göstərir.

2012-ci ilin dövlət büdcəsi xərclərinin 51,8 faizini cari xərclər, 46,1 faizini əsaslı xərclər, 2,1 faizini isə dövlət bor­cuna xidmətlə bağlı xərclər təşkil edir. Beynəlxalq prakti­kada dövlət borcuna xidmət üzrə xərclərin büdcə xərclərinin 7-8 faizi həd­dində olması məqbul sayılır. Göründüyü kimi, əksər ölkələrdən fərqli olaraq Azərbaycanda dövlət borcuna xidmətlə bağlı xərclər büdcə xərclərinin çox az bir hissəsini – cəmi 2,1 faizini təşkil edir və bu, qlobal böhran şəraitində hökumətin çevik və səmərəli iqtisadi-maliyyə fəaliyyətinin göstəricisidir.

Büdcə layihəsinin ən maraqlı bölmələrindən biri də “Yerli büdcələrə ayrılan subsidiyalar”dır. Bu subsidiyalar region­ların inkişafının sürətləndirilməsində, regionlar üçün çox zə­ruri so­sial infrastruktur layihələrinin həyata keçirilməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azər­bay­canın qə­dim tarixi şəhərləri barədə ilk sərəncamı bu ilin sentyabrında Şəki haqqında vermiş, “Şəki şəhərinin sosial-iqtisadi inkişafı­nın sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərən­cam imzalamışdır. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respubli­kası Prezidentinin Ehtiyat Fondundan Şəki Şəhər İcra Ha­kimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Yeri gəlmişkən, mən Şəkiyə göstərilən bu qayğıya görə cə­nab Prezidentə Şəki ictimaiyyə­tinin, bütün şəkililərin min­nətdarlığını çatdırmaq istərdim.

Həmin sərəncamla Şəkidə həyata keçirilməsi nəzərdə tu­tu­lan tədbirlərin maliyyə təminatı üçün 2011-ci ilin büdcə­sində olduğu kimi, 2012-ci ilin büdcəsində də lazımi vəsait­lərin vaxtında ayrılması Şəkidə zəruri sosial-iqtisadi infra­s­t­ruk­turun bərpası və abadlaşdırılması, onun mədəni-tarixi irsinin qorunub saxlanması istiqamətində 2011-ci ildə baş­lan­mış işlərin genişləndirilməsinə imkan verəcək.

Lakin bununla yanaşı, regionların inkişafının sürətlən­di­ril­məsi istiqamətində elə tədbirlər görülməlidir ki, gələcəkdə Bakıdan əlavə daha bir neçə şəhər də subsidiya ilə yox, mövcud infrastrukturu inkişaf etdirməklə, regionun özünün iqtisadi fəallığını artırmaqla öz inkişafını öz gəlirləri hesa­bına təmin edə bilsin. Bu, eyni zamanda, büdcə gəlirlərinin formalaşmasında da müsbət tendensiyaları sürətləndirə bilər. Belə ki, hazırda müzakirə etdiyimiz büdcə layihəsinə görə büdcə gəlirlərinin 32,3 faizi Vergilər Nazirliyi xətti ilə müxtəlif vergi növləri vasitəsilə daxilolmalar hesabına, 7,3 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə, 60,3 faizi isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər hesa­bına təmin olunacaqdır.

Rəqəmlərdən göründüyü kimi, büdcənin formalaşmasında neft gəlirləri hələ də çox önəmli rol oynayır. Bu nisbətin ilbəil vergi daxilolmalarının artması hesabına dəyişdirilməsi labüddür və bunun üçün potensial da mövcuddur.

Digər ölkələrin təcrübəsində inkişafın müəyyən mərhələ­sində sınaqdan çıxmış vergi yükünün azaldılması vergi inti­za­mının güclənməsinə, vergidən yayınma hallarının azalma­sı­na, xırda və orta biznes sahələrində vergi qanunvericiliyi qarşısında şəffaflığın artmasına və bütövlükdə iqtisadi fəallı­ğın artmasına təkan verən ən mühüm amil olmuşdur. İlk baxışdan bir qədər paradoksal görünsə də, daha çox vergi yığmaq üçün daha az vergi tətbiq olunmasına ehtiyac vardır.

Büdcədən regionların iqtisadiyyatına qoyulması nəzərdə tutulan sərmayələrin istehsal yönümlü olmasına və yaxın illərdə həmin istehsal sahələrindən dövlət xəzinəsinə vergi daxilolmalarının artmasına zəmanət verən layihələrə üstün­lük verilməlidir. Vergi daxilolmalarının artması regionla­rın sosial-iqtisadi inkişafının sürətlənməsi ilə bilavasitə bağlıdır. Büdcə layihəsində regionların inkişafına ayrılan vəsaitlərdən səmərəli istifadə olunması gələcəkdə dövlət büdcəsinə qeyri-neft sektorundan gəlir potensialını artırmaqla getdikcə Döv­lət Neft Fondundan transferlərin həcminin azaldılması üçün də imkan yarada bilər.

Qeyri-neft sektoru kimi böyük inkişaf potensialına malik olan sahələrdən biri də kənd təsərrüfatıdır. Hələ 1999-cu ildə Dünya Bankı tərəfindən maliyyələşdirilməklə rayonlarda fer­merlər üçün məsləhət və informasiya xidməti mərkəzləri ya­ra­dılmışdır. Daha sonra, 2006-cı ildə Dünya Bankı ilə hö­ku­mət arasında bağlanmış müqavilədə həmin mərkəzlərdə çalı­şan mütəxəssislərin 2011-ci ilin may ayından etibarən Azər­baycan tərəfindən maliyyələşdirilməsi nəzərdə tutul­muş­du. Göstərilən tarixdən 6 ay keçməsinə baxmayaraq, həmin mər­kəz­lərin fəaliyyətinin maliyyələşdirilməsi bərpa olunma­mış­dır. Regionların sosial-iqtisadi inkişafının və elə­cə də ərzaq təhlükəsizliyinin təminatı üçün kənd təsərrüfatı­nın inkişaf et­dirilməsində regional məsləhət mərkəzlərinin fəal işlək mexa­nizmə çevrilməsi üçün adıçəkilən qurumların maliyyələşməsi məsələsinə də aydınlıq gətirilməsini xahiş edirəm.

Büdcəyə əlavə edilməsi mümkün olan digər bir mənbə müəssisə və təşkilatların büdcəyə olan 3,3 milyard manatlıq borcudur ki, onun da mümkün olan hissəsinin büdcəyə cəlb edilməsinin sü­rət­ləndirilməsini vacib hesab edirəm.

Bütövlükdə 2012-ci ilin büdcəsi əsas parametrlərinə görə müvafiq qanunvericilik aktlarının tələblərinə uyğundur. Mən bu layihənin qəbul olunmasına səs verəcəyəm və həmkar­ları­mı da bu mühüm dövlət sənədinə səs verməyə çağırıram.

 

Xanlar Fətiyev. Hörmətli cənab Sədr, hörmətli həmkar­lar! Bildiyiniz kimi, bu il Azərbaycan Respublikasının müs­təqillik əldə etməsinin 20 illiyi həm daxildə, həm də xaricdə qeyd edil­mişdir. Müstəqilliyin ilk illərində ölkədə hökm sü­rən hərc-mərc­lik, iqtisadi böhran ulu öndər Heydər Əliyevin xalqın tə­­ki­d­li çağırışı ilə hakimiyyətə gəlişi nəticəsində ara­dan qaldırıl­mış, onun həyata keçirdiyi islahatlar qısa müddət ərzində Azər­baycanın bütün sahələrində uğur qazanmasına səbəb olmuşdur.

Möhtərəm İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ümummilli liderimiz tərəfindən əsası qoyulmuş iqtisadi islahatların davam etdirilməsi ilə iqtisadi inkişafın daha da sürətləndirilməsinə səbəb oldu.

Məhz möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadi inkişafın sürətli artımına nail olunmuş, hətta dünyada tüğyan edən maliyyə-iqtisadi böhran şəraitində də Azərbaycanın iqtisadi göstəriciləri müsbət tendensiya ilə artmışdır.

Son illər neft hasilatının azalması fonunda iqtisadi inkişaf qorunub saxlanılmışdır ki, bu da ölkədə aparılan neft strate­gi­yasının çox düzgün olduğunu sübuta yetirir. Belə ki, Azər­bay­canda aparılan iqtisadi siyasət təkcə neft və onunla bağlı sahə­lərin deyil, bütün sahələrin iqtisadi inkişafına yö­nəldilmişdir.

Statistik məlumatlara əsasən cari ilin ötən dövründə də Azərbaycan iqtisadiyyatının sabit inkişafı təmin edilmişdir.

Mən təqdim olunmuş 2012-ci il dövlət büdcəsi layihəsini, eləcə də büdcə zərfinə daxil olan sənədləri, o cümlədən Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haq­qın­da Azərbaycan Respublikasının qanun layihəsinə dair izahatı, Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərini çox diqqətlə təhlil etdim. İlk növbədə qeyd etmək istəyirəm ki, təqdim olunmuş büdcə zərfi çox geniş və əhatəlidir. Bu isə növbəti il və son­rakı üç il üçün dövlət və icmal büdcə layihələrinin peşə­kar­lıqla hazırlanmasından xəbər verir. Burada ölkə Prezidenti­nin iqtisadi komandasının, o cümlədən Maliyyə Nazirliyinin və digər iqtisadi qurumların zəhmətini qeyd etmək lazımdır.

Təqdim olunmuş sənədlərdən göründüyü kimi, 2012-ci il üçün dövlət və icmal büdcələrin layihələrinin hazırlanmasın­da möhtərəm Prezidentimiz tərəfindən hökumətə verilmiş tapşırıqlar tam nəzərə alınmışdır. Büdcənin sosial və investi­si­ya yönümlülüyü təmin edilmiş, sahibkarlığın, regionların inkişaf məsələləri öz əksini tapmış, ölkədə əhalinin bütün tə­bəqələrinin sosial nüdafiəsinin təmin edilməsi istiqamətində addımların atılması, eyni zamanda, nəqliyyat, ekoloji, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kifayət həcmdə maliy­yə vəsaitləri nəzərdə tutulmuşdur.

Əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlar­dan biri kimi əməkhaqqından gəlir vergisinin vergitutulma­yan məb­­lə­ğinin yaşayış minimumuna yaxınlaşdırılması qeyd olun­malıdır. Bu da öz növbəsində imkansız təbəqənin sosial vəziy­yətinin yaxşılaşdırılmasına xidmət edəcək bir addım olacaqdır.

Yuxarıda qeyd etdiyim kimi, dövlət büdcəsinin xərcləri müxtəlif tədbirlərə yönəldiləcəkdir ki, bunlar da son nəticə­də iqtisadi artıma təkan verəcəkdir.

Mən ayrıca olaraq müdafiə və məhkəmə hakimiyyəti, hü­quq-mühafizə və prokurorluğun saxlanılması xərcləri üzərin­də dayanmaq istərdim. Ölkəmizin hərbi təcavüzə məruz qaldığı, torpaqlarının 20 faizinin işğal altında olduğu bir dövr­də müdafiə xərcləri böyük önəm kəsb edir. Ölkə başçı­sının qoyduğu tələbə uyğun olaraq müdafiə xərcləri ilbəil artmaqda davam edir.

Ümumilikdə, xüsusi müdafiə təyinatlı layihələrin və təd­bir­lərin maliyyə təminatı ilə bağlı xərclər də nəzərə alınmaq­la müdafiə xərclərinə 2012-ci il dövlət büdcəsi layihəsi xərc­lərinin 14,8 faizi həcmində vəsait nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur. Nəzərdə tutulmuş hə­min vəsait ölkənin milli təhlükəsizliyinin və müdafiə qabi­liy­yətinin gücləndirilməsinə və maddi-texniki bazasının möh­kəmləndirilməsinə yönəldiləcəkdir.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərclərinə isə 2012-ci il dövlət büdcəsi xərc­lərinin 5,6 faizi həcmində, yəni 944,6 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 161,3 milyon manat və ya 20,6 faiz çoxdur.

Bu xərclərin 4,7 faizi məhkəmə hakimiyyətinə, 82,3 faizi hüquq-mühafizəyə, 5,6 faizi prokurorluq orqanlarına, 7,4 faizi isə bu sahənin digər xərclərinə yönəldiləcəkdir.

Eyni zamanda, 2012-ci il dövlət büdcəsinin investisiya xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiy­yəti, hüquq-mühafizə və prokurorluq orqanlarına vəsait nə­zərdə tutulacaqdır.

Məhkəmə sistemində struktur islahatlarının davamı olaraq 2012-ci ildən ölkəmizdə ağır cinayətlər məhkəmələrinin, hər­bi məhkəmələrin, şəhər və rayon məhkəmələrinin və inzi­bati-iqtisadi məhkəmələrinin fəaliyyətlərinin maliyyə təmi­natı ilə bağlı xərclərin fərdi qaydada deyil, mərkəzləş­diril­miş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur.

Gördüyümüz kimi, müzakirə etdiyimiz 2012-ci il dövlət büdcəsi layihəsi sosial və investisiya yönümlü olmaqla ya­naşı, ölkə rəhbərliyinin qoyduğu digər məsələlərin də həllini tam əhatə edir. Mən əminəm, növbəti ilin dövlət və icmal büdcələrinin vəsaiti hesabına əhalinin sosial müdafiəsi daha da güclənəcək, ölkənin müdafiə potensialı artacaq, burada təmsil etdiyimiz regionların tarazlı inkişafı təmin ediləcək, ölkəmizin beynəlxalq imici daha da artacaqdır.

Sonda mən hər birimizi Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublika­sının qanun layihəsinin lehinə səs verməyə çağırıram. Diq­qətinizə görə sağ olun.

 

Cavanşir Paşazadə. Hörmətli Sədr, hörmətli millət və­kil­ləri! Mən 2012-ci il dövlət büdcəsini çox təqdirəlayiq he­sab edirəm, bəyənirəm. Təbii ki, ona səs verəcəyəm. Millət vəkillərini də ona səs verməyə dəvət edirəm.

Mən istərdim, millət vəkili seçildiyim Lənkəran, Masallı regionunun problemlərindən danışım. Neçə illərdir ki, Xəzər suyunun qalxması ilə bağlı Nərimanabad qəsəbəsinə, Balıq­çılıq və İkinci Nərimanabad kəndlərinə böyük ziyan dəy­mişdir. Bu kəndlərin sakinləri, demək olar ki, suyun içində yaşayırlar. Asfalt yol dağılıb, qaz yox, məktəb binası təh­lükəli vəziyyətdədir, xəstəlik, malyariya baş alıb gedir.

Cənab Prezident Lənkəran rayonunda olanda sakinlər mü­raciət etdilər, mən də xahiş etdim, yerində tapşırıqlar verildi. Hələ ki, əməl olunmayıb. Samir müəllim, Sizdən və aidiy­yəti icra strukturlarından xahiş edirəm, yolun asfalt­lan­ması­na, qaz çəkilişinə və məktəbin tikilməsinə köməklik edəsi­niz. Həqiqətən, o insanlar çətin durumda yaşayırlar.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU