24.11.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 27

 

Milli Məclisin iclas salonu.

24 noyabr 2011-ci il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.01 dəq.)

İştirak edir  97

Yetərsay  83

 

İclasa dəvət olunmuşlar:

 

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.

Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.

Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.

Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniy­yət və turizm naziri.

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.

Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.

Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.

Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.

 

Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.

Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.

Kərəm Həsənov,       Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.

Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

 

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.

Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

 

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

 

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

 

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.

Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.

İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.

İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.

Rafiq Cəlilov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini.

Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Vidadi Zeynalov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.

Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.

Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

İbrahim Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

Rafiq Məcidov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.

 

Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.

İdris İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Fazil Məmmədov, Samir Şərifov

 

2. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, İqbal Ağazadə, Vahid Əhmədov, Elmira Axundova, Fazil Mustafa, Fərəc Quliyev, Sabir Rüstəmxanlı

 

3. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

 

4. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Səlim Müslümov, Oqtay Əsədov, Fərəc Quliyev, Fəzail İbrahimli, Aqil Abbas, İqbal Ağazadə, Vahid Əhmədov, Qənirə Paşayeva, İlham Məmmədov, Zahid Oruc, Elmira Axundova, Siyavuş Novruzov, Musa Qasımlı

 

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Firudin Hacıyev, Kamilə Əliyeva

 

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Heydər Əsədov

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

 

24 noyabr 2011-ci il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük hamınızı. Hörmətli millət və­kil­ləri, xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat  (saat 12.01 dəq.)

İştirak edir  97

Yetərsay  83

 

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Biz dünən artıq müzakirələrə, demək olar ki, yekun vurduq. Bu iclasda iki hökumət üzvünə – vergilər naziri Fazil Məmmədova və maliyyə naziri Samir Şərifova söz verək ki, bəzi sualları cavablandırsınlar. Milli Məclisin müzakirələri bitdikdən sonra biz hökumətə 10 gün vaxt verəcəyik. Əsas cavablar bundan sonra veriləcəkdir. Azərbaycan Respubli­ka­sı­nın vergilər naziri Fazil Məmmədov buyursun.

F.Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən həm ölkə rəhbərliyi, həm də hökumət tərəfindən aparılan vergi siyasəti barədə, eyni zamanda, dünən və srağagün büdcə ilə əlaqədar qoyulmuş suallara cavab verməyə çalışacağam.

Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq aləmdə daim artan nüfuzu ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin, yeni iqtisadi sistemin yaranmasını təmin edən milli maraqlara uyğun siyasi kursunun və bu kursu alternativsiz olaraq möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən qətiy­yətlə və ardıcıl davam etdirilməsinin məntiqi nəticəsidir.

Bu gün dünyada qlobal böhran var. Tənəzzül şəraitində məhz möhtərəm cənab Prezidentin siyasi varislik ənənələri ilə yanaşı, mütərəqqi inkişaf meyillərinə rəvac verərək çevik və işlək mexanizmlər üzərində reallaşdırdığı uğurlu fəaliy­yəti nəticəsində milli iqtisadiyyatımızda çox az ölkələrin nail olduğu, artıq nümunə göstərilən yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Hazırkı mərhələdə dünyanın əksər dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərən qlobal maliyyə böhranı dünya ölkələrində ümumi daxili məhsulun həcminin azalması, iş yerlərinin kəskin şəkildə ixtisarı, büdcə gəlirlərinin aşağı düşməsi, dövlət borclarının artması, valyuta sabitliyinin itirilməsi kimi mənfi iqtisadi proseslərlə xarakterizə olunur. Dünya maliyyə böhranı öz növbəsində MDB ölkələrinin iqtisadiyyatına əsaslandırılmamış təsir göstərmişdir. İqtisadi sistemdə müşahidə olunan geriləmələr özünün büdcə gəlirlərinin həcminə, o cümlədən neft və qeyri-neft-qaz sektoru üzrə daxilolmalara mənfi təsir göstərmişdir.

Dünya iqtisadiyyatında müşahidə olunan tənəzzülə bax­mayaraq, ulu öndərin uzaqgörən siyasətinin sayəsində ya­ranan rəqabətədavamlı iqtisadi bazanın və cənab Prezidentin həyata keçirdiyi cəsarətli iqtisadi siyasətin nəticəsidir ki, 2011-ci ilin 10 ayı ərzində respublikada ümumi daxili məhsulun real artımı ilə yanaşı, qeyri-neft-qaz sektoru üzrə real artım tempi 8,6 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisi 47,3 faiz təşkil etmişdir. Nəticə etibarilə ümumi daxili məhsulun artımı fonunda qeyri-neft-qaz sektoru üzrə 2011-ci ilin 10 ayı ərzində büdcəyə 21,8 faiz çox vergi daxilolmaları təmin edilmişdir.

Dünya iqtisadiyyatında 2008-ci ildə başlanan böhran şəraitində bir çox beynəlxalq ekspertlərin və özlərini ekspert hesab edən yerli mütəxəssislərin dediklərinin əksinə olaraq möhtərəm cənab Prezidentimizin bilavasitə rəhbərliyi altında həyata keçirilən çox uğurlu maliyyə-büdcə siyasəti nəticə­sində nəinki dövlət xərcləri azalmadı, iqtisadiyyatın daha da gücləndirilməsi məqsədi ilə xüsusilə infrastruktur layihələrin həyata keçirilməsi sürətləndirildi. Nəzərə almaq lazımdır ki, bir çox dövlətlər bu kimi böyük həcmdə vəsait tələb edən layihələrin maliyyələşdirilməsini saxladılar və nəticədə bu ölkələrdə domino effekti yarandı. Belə ki, iş yerləri azaldı, pul gəlirləri və istehlak aşağı düşdü. Vergi daxilolmaları da o cümlədən aşağı düşmüş oldu.

Azərbaycanda isə əksinə, yeni iş yerləri yaradıldı, müəssisələrin maliyyə vəziyyətlərinin yaxşılandırılmasına nail olundu. Təkcə bu ilin 10 ayında tikinti sektorunda 114,1 milyon manat vergi yığıldı ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Bütövlükdə Azər­bay­canda 2011-ci ildə büdcə gəlirləri, o cümlədən vergi daxilolmaları dövlət büdcəsinin məxaric hissəsinin tam icrasına imkan yaratmışdır. Xüsusilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda artıma nail olunmuş, vergi daxil­ol­ma­larında bu sektorun xüsusi çəkisi 2007-ci ildəki 34,5 faizdən 2011-ci ilin 10 ayı ərzində 5,7 faizə yüksəlmişdir. Respubli­kamızın makroiqtisadi göstəricilərində müşahidə olunan müs­bət tendensiya iqtisadiyyatın bütün sahələrində, xüsusilə so­sial sferada vəziyyətin davamlı olaraq yaxşılaşdığını gös­tə­rir.

Bir çox xarici dövlətlərdə, həmçinin yaxın qonşularımız Rusiya, Ukrayna, hətta qabaqcıl Avropa dövlətlərində yerli əhali şirkətlərin bağlanması, iş yerlərinin ixtisara salınması kimi faktlarla üzləşmişdir. İnkişaf etmiş Avropa İttifaqı ölkələrində işsizlərin sayı Yunanıstanda 5 faiz, İspaniyada 2,1 faiz, Bolqarıstanda 1,3, İtaliyada 0,3 faiz artdığı halda, respublikamızda işsizlərin sayı iqtisadiyyatda və sosial böl­mədə məşğul əhalinin cəmi 0,8 faizini təşkil edir. Bu sahədə dünyada müşahidə edilən hallardan fərqli olaraq Azərbay­canda iş yerlərinin bağlanması kimi mənfi tendensiya olma­mış, ötən dövr ərzində hətta 71 minə yaxın iş yeri açılmışdır.

Bu nailiyyətlər möhtərəm cənab Prezident İlham Əliyevin hələ seçkiqabağı çıxışlarında yeni iş yerlərinin açılması ilə bağlı səsləndirdiyi fikirlərin prioritet istiqaməti kimi qəbul edilməsi, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil olan kompleks tədbirlərin uğurla həyata keçirilməsi sayəsində əldə edilmişdir. Dövlət proqramının tərkib hissəsi olaraq vergi orqanlarının bu sahədə, o cümlədən işçilərin rəsmiləşdiril­məsi, onların əmək haqlarının leqallaşdırılması istiqamətin­də həyata keçirilən vergi nəzarəti tədbirləri ilə yanaşı, sahibkarlar arasında maarifləndirmə və təbliğat işləri aparmaqla bütövlükdə əhalinin gəlirlərinin artırılmasına, müsbət nəticələrin qazanılmasına nail olunmuşdur.

Qeyd etmək lazımdır ki, 2011-ci ilin 10 ayı ərzində əhalinin pul gəlirləri 19 faiz artmış, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 355,1 manat təşkil etmişdir. Əhalinin gəlirlərinin yüksəlməsinin nəticəsi olaraq cari ildə əhalinin banklara qoyduğu əmanətlərin həcmi 29,5 faiz artmışdır. Əhalinin maddi durumunun yaxşılanmasının göstəricisi kimi ümumi gəlirlərin 19 faiz artması fonunda inflyasiyanın cəmi 5,3 faiz təşkil etməsi bir daha onu göstərir ki, əhalinin alıcılıq qabiliyyəti qorunub saxlanılmış­dır. Bu sahədə ölkənin milli valyutası olan manatın sabitliyinin saxlanması da çox mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq yerinə düşər ki, regionların inkişafı nəticəsində yerlərdə büdcə daxilolmalarının da xüsusi çəkisinin artım tendensiyası davam edir. 2011-ci ildə gözlənilən daxilolmalarda regionların xüsusi çəkisi artır. Mən xüsusi qeyd etmək istəyirəm ki, bir neçə il əvvəl ümumi büdcə daxilolmalarında regionların xüsusi çəkisi təqribən 2–3 faiz idi. Bu gün artıq ilin yekununa, hesabatına görə 14,4 faizə çatacağı gözlənilir.

Hesabat dövrü ərzində 2010-cu il 1 yanvar tarixinə 5 milyard 471,2 milyon manat borcu olan vergi ödəyicilərinin borcu 2 milyard 179,7 milyon manat və ya 39,8 faiz azaldılmışdır. Dünən borclu təşkilatlarla əlaqədar bu sual qoyulmuşdu. Xahiş edirəm, sənədə diqqətlə baxasınız. 2011-ci il 1 yanvar tarixinə respublikada əsas vergi borcu 1 milyard 807 milyon manat təşkil etmişdir. 2011-ci il 1 noyabr tarixinə qeyri-dövlət sektorun da 2 milyard 28 milyon manat əsas borc məbləğinin 1 milyard 377 milyon manatı və ya 67,9 faizi vergi ödəməkdən yayınma faktı kimi qeyd edilmişdir. Bu, neçə illər öncə hamınıza məlum olan hesab-faktura fırıldaqçılığı ilə məşğul olan insanlara aid məsələdir. Bu faktların hamısı üzrə cinayət işləri qaldırılmış, həmin insanların bir çoxu həbs edilmişdir, bəziləri axtarışdadır. Məhkəmələr tərəfindən qərarlar qəbul olunubdur. Amma əlbəttə, məbləğlərdən, eyni zamanda, qayıt­ma ehtimalı da həddindən çoxdur. Çünki 2008-ci ilə qədər hesab-faktura fırıldaqçılığı ilə məşğul olan qruplar var­dı. Həmin vaxta qədər əlavə dəyər vergisi üzrə depozit hesablarının... Qeyd etmək istəyirəm ki, parlament bunu cənab Prezidentin təqdimatı əsasında çox düzgün olaraq təsdiq etdi. Azərbaycanda həm də Şərqi Avropa ölkələrində birinci dəfə əlavə dəyər vergisinin tətbiqinə başlandı. Bu gün tam əminliklə demək olar ki, əlavə dəyər vergisi üzrə 1 faiz belə yayınma mümkün deyil. Əlavə dəyər vergisi üzrə dövlət büdcəsinə daxilolmalar tam şəkildə, 99 faizdən yuxarı dövlət büdcəsinə daxil olur.

Bununla yanaşı, vergi borclarının məbləği dinamik dəyişkən xarakterli olmaqla bir qayda kimi verginin ödənilmə müddətlərində artır. Ay ərzində növbəti ödəniş müddətinədək ödəmələr həyata keçirilərkən əsaslı dərəcədə azalır. Borclar haqqında dünən danışdılar. Borcların vəziy­yəti barədə mənə deyirlər ki, ödəmənin dövrü var. Əlavə dəyər vergisi hesabat dövrünün növbəti ayının 20-dək ödənilməlidir. Hesabatlar ödənilmədikdə əlavə borc olaraq həmin gündən hesablanmağa başlanır. Amma bu o demək deyil ki, həmin borc qalır. Keçici olaraq təqribən 300, 400, 500 milyon manat müxtəlif vergilər üzrə daimi olaraq hesabat verilməklə bərabər ödənişlər aparırlar. Yəni bunun üçün əlavə rüsum gəlir. Milli Məclisdə qəbul edilmiş qanunvericiliyə əsasən artıq növbəti gündən başlayaraq həmin ödəyiciyə bildirişlər göndərilir. Bundan bir ay sonra isə inzibati tədbirlər həyata keçirilir, yəni əmlakın siyahıya alınmasına, məhkəmə qərarlarının icrasına, əmlakın satışa çıxarılmasına, digər məsələlərə baxılır. Amma, ümumiy­yətlə, bu gün borclar sahəsində elə bir problem yoxdur. Bunu, xahiş edirəm, biləsiniz.

Qeyri-neft və qeyri-dövlət sektorları üzrə qoyulan borcların məbləği böyük rəqəmlə göstərilir. Qeyd etdiyim kimi, bunun böyük bir hissəsi, 1 milyard 377 milyonu hesab-faktura saxtakarlığı ilə bağlı borclardır və bunun birmənalı qayıtmasına heç bir əminlilik yoxdur. Çünki bu insanlar həbs olunublar, axtarışdadırlar və yəqin ki, yaxın ölkələrin hüquq mühafizə orqanları tərəfindən geri gətiriləcəklər. Burada da bir məsələ var. Uzun müddət biz Maliyyə Nazirliyi və hökumət ilə birlikdə depozit hesablarının təsdiqinə başlanması barədə təqdimatlar verirdik. Depozit hesablarının tətbiqi Milli Məclisdə belə çox böyük problemlər yaratmışdı. Bu gün birmənalı deyə bilərəm ki, Şərqi Avropa, hətta Avropa ölkələrində əlavə dəyər vergisi üzrə yeganə ən vacib, gözəl inzibatçılıq məhz əlavə dəyər vergisi üzrə depozitin başlanması olmuşdur. Bu sahədə problem, demək olar ki, aradan qaldırılmışdır.

Ölkənin maliyyə vəziyyətində sabitliyin saxlanılması ilə yanaşı, sahibkarlıq subyektlərinin sayı və onların iqtisadi fəallığı artmış, qeydiyyata alınmış xarici sahibkarlıq subyektlərinin sayında 1,5 faiz artım müşahidə edilmişdir. Bu da respublikamızda yaradılmış əlverişli investisiya mü­hitinin olmasını, dayanıqlı qanunvericilik bazasının mövcud­luğunu və sahibkarların qanuni hüquqlarının qorunmasını əks etdirir. Dünən burada qaldırılan bəzi məsələlərə bir daha qayıtmaq istəyirəm. Azərbaycanda vergi dərəcələrinin aşağı salınması, hansı dərəcədə olması ilə əlaqədar suallar verildi. Mən xarici investisiyanın 1,5 faiz artımını təsadüfən qeyd etmədim. Azərbaycanda vergi yükünün yuxarı olduğu deyildi və bəzi dövlətlərdən müqayisələr də gətirildi. Əslin­də, demək istəyirəm ki, çox üzr istəyirəm, müqayisələr həddindən artıq yersizdir. Hörmətli deputatlardan biri hətta Ermənistanla bəzi müqayisələr apardı.

Çox yersiz müqayisələrdən söhbət gedir. Əvvəla, birmənalı şəkildə ona görə ki, Azərbaycanın iqtisadi siyasətinin tərkib hissəsi olan büdcə siyasəti müstəqilliyinin bərpa­sının 20 illiyini qeyd edən Azərbaycanın müstəqil şəkildə həyata keçirdiyi siyasətdir. İki yaxın qonşu ölkə, xüsusilə də adını çəkmək istəmədiyim, kimlərinsə forpostu olan, qeyri-müstəqil iqtisadi siyasət və büdcə siyasəti yeridən ölkə ilə müqayisə aparılmasını mən etikaya uyğun hesab etmirəm. Çox üzr istəyirəm, amma bu belədir.

Eyni zamanda, sual verilə bilər: bu ölkələrdə vergi dərəcələrinin aşağı olması ilə bərabər hansı investisiyalar yatırıldı? İnvestisiyaların yatırılması üçün ölkədə iqtisadi və siyasi sabitlik, dövlətə inam lazımdır. Azərbaycan dövlətinin iqtisadi sabitliyi, Azərbaycan dövlətində möhtərəm cənab Prezident tərəfindən aparılan həm daxili, həm də xarici siyasət bu investisiyaların cəlb olunması üçün ən böyük zəmindir, nəinki vergi dərəcələrinin aşağı salınması.

Sizə bir misal deyəcəyəm. Burada əlavə dəyər vergisinin və yaxud digər vergilərin aşağı salınması məsələsi qeyd olundu. Son illər ərzində bilirsiniz ki, biz bu vergilərin və mənfəət vergisinin, əlavə dəyər vergisinin dərəcəsini 20 faizdən 18 faizə qədər aşağı salmışıq. Bu vergilər Ukraynada 25, Rusiyada 20, Belarusda 20, Tacikistanda 25, Türkmə­nistanda 20, Gürcüstanda, bayaq qeyd etdiyim kimi, 15, Er­mənis­tanda 26 faizdir. Ümumi vergi yükü barədə danışanda bilmək lazımdır ki, Azərbaycan inkişaf etmiş ölkədir. Azərbaycanı bu ölkələrlə, Qırğızıstanla, başqa ölkələrlə müqayisə etmək heç də yerinə düşməz. Bunu 2008-ci ildə olan böhran vəziyyətində iqtisadiyyatın dayanıqlığı göstərdi, Azərbaycandakı iqtisadi siyasətin vəziyyətini və eyni zamanda, adını çəkdiyimiz dövlətlərdə, hətta neft-qaz ölkələri olan qonşu, Xəzəryanı ölkələrdəki bankların düş­dükləri vəziyyəti də göstərdi. Onların bankları və iqtisadiy­yatları hansı vəziyyətə düşdü? Azərbaycanda isə bankların aktivləri xeyli artdı. Azərbaycanda isə adekvat addımlar atılaraq bankların mənfəət vergisindən azad olunması və digər tədbirlər hesabına banklar stabil qaldı, iqtisadiyyat 2 rəqəmli inflyasiyaya keçmədi. Azərbaycan bütün investisiya proqramlarını yerinə yetirdi və bununla da demək olar ki, iqtisadi stabilliyə nail ola bildi.

İnvestisiya proqramları haqqında məsələ dünən burada dəfələrlə vurğulandı. Transferlər haqqında maliyyə naziri daha geniş danışacaq. Mənim birbaşa cavabdeh olduğum sahə deyil. Amma eyni zamanda, mən həmin suala cavab vermək istəyirəm. Transferlər olacaq, bəli. Bildiyiniz kimi, transferlər sırf investisiyalar üçün olur. İqtisadi siyasətin düzgün formalaşması, gələcək büdcə gəlirlərinin təminatlı olması üçün Azərbaycanda böyük investisiyalar qoyulmalı­dır. Möhtərəm cənab Prezident bilərəkdən çoxistiqamətli şəkildə aparılan bir siyasət yeridir. Yol, elektrik enerjisi olmasa, hansı yerli və xarici biznesmeni haraya dəvət etmək və nə yaratmaq olar? Azərbaycanın bölgələrində infrast­ruk­tur məsələləri həll edilməlidir. Ümumi büdcə gəlirlərində yerlərdən vergi daxilolmaları 2 faizdən 14 faizə gəlib çıxacaq. Nəyin hesabınadır bunlar? Əlbəttə, büdcə gəlir­lərinin 2 faizdən 14,4 faizə gəlib çıxması bölgələrdə gedən inkişafın nəticəsidir. Bölgələrdə bunu yaratmaq üçün böyük infrastruktur layihələr həyata keçirmək lazımdır.

Əlbəttə, ən böyük investisiya proqramlarından biri elek­trik enerjisi ilə əlaqədardır. Möhtərəm cənab Prezidentin apar­dığı siyasət nəticəsində Azərbaycan bütövlükdə özünü elektrik enerjisi ilə təmin etmişdir. Həm sənaye poten­sialının, həm də əhalinin elektrik enerjisi ilə təmin edilməsi məsələsi tamamilə həllini tapmışdır. Bunlara investisiyalar qoyulmasa idi, necə olardı? Böyük İpək Yolunun bərpası üçün yeni limanın tikilməsi, yolların salınması məsələsi necə ola bilər? Hələ bunlar azdır. Yenə deyirəm, maliyyə və yaxud iqtisadi inkişaf nazirləri bu barədə daha ətraflı deyə bilərlər. Amma ümumi iqtisadiyyatı əhatə edən suallar olduğu üçün bunları deməliyəm.

Dövlət Neft Fondundan investisiya xərclərinin ümumi artımı ilə bağlı suala cavab vermək istərdim. Əlbəttə, bəzi yoldaşlar bir tərəfini deyirlər, bir tərəfini demirlər. Həmin dövlətlərdə, ümumiyyətlə, neft fondunun vəziyyəti barədə heç kimin məlumatı yoxdur və yaxud Neft Fondu yoxdur. Onlarda neft və qaz gəlirləri büdcə gəlirlərinə daxildir və büdcə gəlirlərinin içərisində oturur. Amma Azərbaycan dövlətində şəffaf Dövlət Neft Fondu yaradılıb. Həm əhali, həm də parlament bilir ki, transferlər nə qədərdir və konkret olaraq hansı istiqamətlərdə xərclənir? Bunlar da çox vacib, Azərbaycanın gələcək iqtisadiyyatına, qeyri-neft-qaz sektoru üzrə özəl sahibkarlığın inkişafına çox vacib təkan verən amillərdəndir.

Bu gün vergi daxilolmalarının xüsusi çəkisi aşağıdır. Amma möhtərəm cənab Prezident tərəfindən Vergilər Na­zirli­yinin və Dövlət Gömrük Komitəsinin qarşısında birmə­na­lı məsələ qoyulubdur ki, yaxın illər ərzində dövlətin bütün cari xərcləri bu iki struktur tərəfindən təmin edilməlidir. Əl­bəttə, bunun üçün geniş baza yaradılır. Bu təkcə vergi qanunvericiliyi məsələlərindən deyil, həm inzibatçılıq, təşkilati, eyni zamanda, vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi kimi məsələlərdən asılıdır. Dövlət başçısının bunların hamısından xəbəri var. Dövlət başçısı tərəfindən qarşıya belə bir vəzifə qoyulubdur.

Cari xərclər 8 milyarddan 9 milyarda qədər artıb, ilbəil də artır. Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin ba­zası olmalıdır ki, getdikcə cari xərclərin artım tempini qarşı­laya, qabaqlaya, eyni zamanda, köhnədən qalmış mə­sələləri həll edə bilək.

Mən vergi yükü barədə danışmaq istəyirdim və bu sözlər deyildi. Azərbaycanda heç bir vergi yükü yoxdur. Azərbaycanda çox normal vergi yükü var. Azərbaycan, dediyim kimi, azad iqtisadi zona deyil, Azərbaycan stabil iqtisadiyyata malik dövlətdir. Azərbaycan ona görə də hətta aldığı xarici kreditləri həddindən artıq çox geniş təhlil edir. Azərbaycanın valyuta ehtiyatları bəs edir ki, hətta xaricə kreditlər versin. Ona görə də Azərbaycan öz iqtisadiyyatında bu addımlara daha ehtiyatla və diqqətlə baxır. Hesab edirik ki, bu sahə bizdə stabildir.

Sosial yığımlar da daxil olmaqla sizə bəzi ölkələr üzrə vergi yükü haqqında demək istəyirdim. Almaniya 40, Avstriya 44, Belçika 47, Böyük Britaniya 37, Çexiya Respublikası 36, Danimarka 49, Estoniya 32, Yunanıstan 37, İspaniya 35, İtaliya 42, Fransa 45, Latviya 29, Litva 28, Lüksemburq 41, Malta 36, Hollandiya 38, Polşa 34, Portuqaliya 35, Sloveniya 39, Finlandiya 44, İspaniya 51, Avropa İttifaqı üzrə bütövlükdə 39,5 faizdir. Azərbaycanda isə bu rəqəm sosial ayrılmalarla birlikdə 21,5 faiz, sosial ayırmalar nəzərə alınmadan 17,9 faiz təşkil edir. Burada hansı vergi yükündən danışmaq olar? Siz dünyanın hər yerində baş verən iqtisadi böhranları, aparılan iqtisadi siyasətləri, yəqin ki, izləyirsiniz və bilirsiniz.

Azərbaycan azad iqtisadi zona deyil, Azərbaycanda sahibkarlıq üçün bütün şərait yaradılır. Dediyim kimi, infrastrukturdan, inzibatçılıqdan, qeydiyyatdan, Sahibkarlıq Milli Fondu vasitəsilə yardımlardan, kreditlərdən tutmuş sahibkarlıq üçün bütün şərait yaradılır. Bu il 9 ayın yekunlarına görə Azərbaycan iqtisadiyyatına 9 milyarddan da çox, Samir müəllim bunu daha dəqiqliyi ilə deyəcək, investisiya qoyulmuşdur. Hansı yaxın qonşu ölkədə, vergi dərəcələri aşağı olan ölkələrdə bu investisiyalar qoyul­muşdur? Yaxın ölkələrin heç birində bu investisiyalar qoyulmayıb və qoyulmayacaq da. Bunun ən böyük hissəsi də bu il daxili investisiyalar hesabına olmuşdur. Bu da çox gözəl. Eyni zamanda, özəl sektor investisiyaları hesabına olmuşdur. Bu da Azərbaycan iqtisadiyyatının bir daha çox böyük dayanıqlığını və Azərbaycanda iqtisadi siyasətin və büdcə siyasətinin çox düzgün aparıldığını göstərir. Xahiş edirəm, bunları nəzərə alasınız. Əgər kiminsə konkret ayrıca sualı olsa, mən sonra da bunu cavablandıra bilərəm.

Azərbaycanda investisiya mühitinin əlverişli olması və azad rəqabət mühitinin mövcudluğu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Dünən burada başqa bir rəqəm deyildi. Düzdür, belə bir məsələ var. Bizim vergi yükünə görə 92-ci yerdə olmağımız tamamilə düzgündür. Dünya Bankının hesabatında bu məsələ var. Amma bizdən sonra hansı ölkələrdir? Hamısı inkişaf etmiş ölkələrdir. Bizdən öndə olan hansı ölkələrdir? İnkişaf edə bilməyən ölkələrdir. Bizdə böyük vergi yükü yoxdur, amma normal vergi yükü var. Azərbaycanın iqtisadiyyat və investisiya, eyni zamanda, sahibkarlıq üçün yaratdığı şəraitə tam uyğun vergi yükündən söhbət gedir.

92-ci yer məsələsinə gəldikdə isə xahiş edirəm, bunu birdəfəlik biləsiniz. Gəlir vergisi üzrə şkalada, bildiyiniz kimi, 2 min manatdan yuxarı gəlirin vergisi 35 faizdir. Belə bir dərəcəmiz var. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, hökumət hesab edir ki, 2000 manata qədər olan gəlirin 14 faizlə vergiyə cəlb olunması normal haldır. Əhalinin, demək olar ki, böyük hissəsi belə bir vergi ödəyir. Əgər bankirlər 35 faiz vergi verəcəklərsə, bu niyə kimi isə narahat etməlidir? 2000 manatdan yuxarı əmək haqqı alanlara 35 faizdən vergi hesablansa, bu kimi isə narahat etməlidir? Burada əhalinin ümumi yaşayış səviyyəsinə, sosial vəziyyətə mənfi təsir göstərən nə var? Burada mənfi təsir göstərən heç bir şey yoxdur. Əlbəttə, gəlir hissəsi artacaqsa, o qədər də vergi artacaqdır. Dünya təcrübəsi budur, biz də sivil dünyanın təcrübəsindən öyrənirik. Sivil dünyanın təcrübəsini əsas götürərək gedirik. Yəni ayrı-ayrı sözlər, populist çıxışlar əsasında yox, cənab Prezident tərəfindən köklü şəkildə qoyulmuş iqtisadi siyasət əsasında hərəkət edirik. Xahiş edirəm, bunu nəzərə alasınız.

Dünya İqtisadi Forumunun 2009–2010-cu illər üçün hazırladığı qlobal, rəqabətli hesabatında Azərbaycan inves­tisiya mühitinin əlverişliliyinə görə 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabata görə bizə qonşu ölkələr – Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan isə 90-cı yerdədir. Dünya İqtisadi Forumu Azər­bay­canda iqtisadi sabitliyi və iş bazarında vəziyyətin yaxşılaşdığını xüsusi qeyd edir. Təşkilat Azərbaycanı milli ehtiyatları və büdcəsi artan, dövlət borcları az olan bir dövlət kimi xarakterizə edir.

Göstərilənlərlə yanaşı, aparılan iqtisadi siyasət çərçivəsin­də müəyyən müddətdə ünvanlı vergi güzəşti siyasəti həyata keçirməklə müəyyən sahələrin inkişafının stimullaşdırılması və dayanıqlılığının qorunub saxlanılmasına nail olunmuşdur. Belə ki, kənd təsərrüfatı istehsalçılarının vergi güzəştləri keçmiş illərdə olduğu kimi, növbəti 5 ildə də ümumi daxili məhsulun təqribən 20 faizə qədərini əhatə edir. Möhtərəm cənab Prezidentin təqdimatı əsasında parlamentdə buna çox böyük ürəklə dəstək verilir, bunlar çox yaxşı. Amma burada çox böyük vergi bazasından söhbət gedir. Yəni ümumi daxili məhsulun 20 faizini bütün vergilərdən tamamilə azad etmək, əlbəttə, iqtisadi siyasətin tərkib hissəsi, onun əsas kom­ponenti olan büdcə siyasətinin vacib elementlərindən deyil, bəs nədir? Əlbəttə, bu elədir. Həmin güzəştlərin müddəti 5 ilədək uzadılmışdır. Bunun nəticəsində təkcə kənd təsərrüfatı üzrə 2,4 milyard manat həcmində əlavə dəyər yaradılması gözlənilir ki, bu da əvvəlki ilə nisbətən 6 faiz çoxdur. Yəni bunun hesabına bu il kənd təsərrüfatında təkcə əlavə dəyərin, aktivlərin 2,4 milyard manat olacağı gözlənilir.

Eyni zamanda, bankların və sığorta təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşması və kapitallaşma səviy­yəsi­nin artırılması məqsədi ilə nizamnamə fondunun artırıl­masına yönəldilən mənfəət 2009-cu ildən başlayaraq 3 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Nəzərinizə çatdırım ki, hər il təqribən 45–50 milyon manat vəsaitdən söhbət gedir. 3 il ərzində aşağı-yuxarı 150 milyon manat vəsait deməkdir ki, həmin vəsait də, əlbəttə, iqtisadi böhran vəziyyətində bankların stabilliyinin və aktivlərinin möh­kəmlən­məsini qorumaq üçün dövlət tərəfindən atılan ən vacib iqtisadi addımlardan biri olmuşdur. Biz hesab edirik ki, bu çox vaxtında və düzgün atılan addımlardan biridir.

Bütövlükdə ölkədə sahibkarlığın inkişafının sürətləndiril­məsi məqsədi ilə əvvəlki illərdə olduğu kimi, vergi dərəcə­lərinin aşağı salınması istiqamətində də mühüm addımlar atılmışdır. 2010-cu ildən etibarən mənfəət vergisinin dərə­cə­si 22 faizdən 20 faizə endirilmişdir. Burada da yenə bir mə­sə­ləni Vahid müəllimin nəzərinə çatdırmaq istəyirəm. Siz de­yirsiniz, hesabatlara baxın, 22 faizdən 20 faizə endirildi və heç bir şey də dəyişmədi. Amma bunu başlı-başına qoysan, hər şey dəyişər. Sadəcə, dövlətin bu sahədə inzibatçılığı möh­kəmlənir. Eyni zamanda, müxtəlif tədbirlər həyata ke­çi­ri­lir ki, bunlar dəyişməsin. Bunların azaldılmasını, çox xahiş edirəm, düzgün qəbul edəsiniz. Hər kəsin yaxın qo­hum­larından sahibkarlıq fəaliyyəti ilə məşğul olan var. Bilirsiniz ki, heç kim də bu vergiləri ürəklə ödəmir. Yəni inzibatçılıq olmasa, düzgün həyata keçirilməsə, heç kim bunu ödəməyəcək. Dünyanın ən inkişaf etmiş sivil ölkələrində də belədir. Hətta deyərdim, müstəqilliyimizin yaşının az olmasına baxmayaraq, bu sahədə vəziyyət artıq çox yaxşıdır.

Bu gün hesabatların 90 faizdən artığı elektron formatda təqdim olunur. Yəni vergi ödəyicilərinin vergi orqanlarına gəlmələrinə ehtiyac yoxdur. Onlar istənilən kompüter arxasında əyləşib öz hesabatlarını təqdim etmək imkanına malikdirlər. Üç gün bundan öncə imzaladığım əmrlə artıq fiziki şəxslərin qeydiyyatının online rejiminə keçmişik. Yanvar, uzağı mart ayından başlayaraq hüquqi şəxslərin online qeydiyyatına keçəcəyik. Proqram təminatı məsələləri artıq həll olunub. İki gün bundan öncə başqa bir əmrlə vergi ödəyicilərinin obyektlərində olan kassa aparatlarının qeydiyyatının online rejiminə başlanmışdır. Bundan yaxşı şərait dünyanın hansı yerində var? Yaxşı şərait yaradıb maarifləndirmə və inzibatçılıq tədbirlərini həyata keçirməklə yanaşı, əlbəttə, ciddi nəzarət tədbirləri də nəzərdə tu­tul­malıdır və tutulacaqdır.

Fiziki şəxslərin gəlir vergisinin maksimum dərəcəsinin 35 faizdən 30 faizədək aşağı salınmasını belə tədbirlərə aid etmək olar. Qeyri-neft-qaz sektorunda mənfəət vergisi üzrə ötən illə müqayisədə 184,5 milyon manat və ya 53,5 faiz artıma nail olunmuşdur ki, bu da həyata keçirilən islahatların vaxtında və düzgün olduğunu bir daha sübut edir. Atılan addımlar gələcəkdə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının stimullaşdırılmasına və sahibkarlıq subyekt­lərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaqdır ki, bu da vergi daxilolmalarının artmasına müsbət təsir edəcəkdir. Ümumilikdə isə bütün sahələrin hərtərəfli inkişafı iqtisadiyyatın vergi yükünün optimal səviyyəsini müəyyən etməklə vergi daxilolmalarının artımına imkan yaradacaqdır.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazənizlə, 2012-ci ilin dövlət büdcəsi layihəsinin vergi daxilolmaları hissəsinə aid məlumat verərdim. 2012-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən ötən dövrün sosial-iqtisadi nəticələri, eləcə də ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyilləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər amillər nəzərə alınmışdır. Dövlət büdcəsinin layihəsində büdcə gəlirlərinin 5 milyard 310 milyon manatının və ya 32,3 faizinin, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3 milyard 180 milyon manatın Vergilər Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuşdur.

Dövlət Neft Fondundan transferlər nəzərə alınmadan Vergilər Nazirliyinin xətti ilə 2012-ci il üzrə nəzərdə tutulan daxilolmaların büdcə gəlirində xüsusi çəkisi 2009-cu ilin faktına nisbətən 5,3 bənd, 2010-cu ilin faktına nisbətən 3,1 bənd artaraq 81,3 faiz təşkil edəcəkdir. Xüsusi qeyd etmək lazımdır ki, dünyada maliyyə böhranının hökm sürdüyü və öl­kələrin mütləq əksəriyyətində iqtisadi tənəzzülün müşahi­də edildiyi ərəfədə dövlətlərin istifadə etdikləri əsas iqtisadi alətlərdən biri büdcə gəlirlərinin artımını təmin etmək üçün vergi dərəcələrinin yüksəldilməsi olduğu halda respublikada ilbəil vergi yükünün aşağı düşməsi müşahidə edilir. Belə ki, 2010-cu ildə MDB ölkələrindən olan Belarusda vergi yükü 33,4 faiz, Qazaxıstanda 25 faiz, Ermənistanda 23,9 faiz olduğu halda 2011-ci ilin 10 ayı ərzində Azərbaycan Respublikasında vergi güzəştləri nəzərə alınmaqla ümumilikdə vergi yükü sosial ayırmalarla birlikdə, bayaq qeyd etdiyim kimi, 21 faiz təşkil edir.

İqtisadi risklərin azaldılması məqsədi ilə iqtisadiyyatda diversifikasiya siyasətinin səmərəli tətbiqi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində növbəti ilin dövlət büdcəsində bu sektor üzrə vergi proqnozlarının qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun 8,6 faiz artımı fonunda 2011-ci ilin proqnozuna nisbətən 330 milyon manat və ya 11,6 faiz artacağı göz­lə­nilir. Həmçinin qeyri-neft-qaz sektoru üzrə vergi daxilol­malarının ümumi daxilolmalarda xüsusi çəkisi 2010-cu ildə 54,9 faiz, 2011-ci ildə 55,2 faiz olduğu halda, 2012-ci il üzrə 59,9 faiz proqnozlaşdırılır ki, bunu da ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində atılan addımların müsbət nəticəsi kimi xarakterizə etmək olardı. Qeyri-neft-qaz sektoru üzrə proqnozlaşdırılan 330 mil­yon manat artımın 151,5 milyon manatı mənfəət ver­gisin­dən, 67,9 milyon manatının isə əlavə dəyər vergisindən, 110,7 milyon manatının gəlir vergisindən və sair daxilol­malardan gözlənilir.

Qeyd etmək lazımdır ki, layihəyə əlavə edilmiş makroiqtisadi göstəricilərə əsasən 2012-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi proqnozlarının bu sektor üzrə ümumi daxili məhsulda xüsusi çəkisi qorunub saxlanılacaq. Bir məsələni xüsusilə qeyd etmək istərdim. 2012-ci ildə dövlət büdcəsində regionların infrastrukturunun inkişafını, eləcə də 2009–2013-cü illər üçün “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”nın Dövlət Proqramı ilə qarşıya qoyulmuş vəzifələrin daha da keyfiyyətlə icrasını təmin etmək məqsədi ilə, Bakı şəhəri istisna olmaqla, şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləş­dirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin hesablanmış müvafiq vergilərinin aidiyyəti üzrə şəhər və rayonların yerli gəlirlərinə aid edilməsi nəzərdə tutulmuşdur. Nəticədə layihədə respublikanın rayonları və şəhərləri üzrə müəyyən edilmiş proqnoz tapşırıqların 2011-ci ilin proqnozuna nisbətən 59,2 milyon manat və ya 16,7 faiz artımının 25 milyon manatı bu vergi ödəyicilərinin payına düşür.

2011-ci ilin ötən dövrü dövlətçiliyimizin iqtisadi qüdrətinin, rəqabət qabiliyyətinin qiymətləndirilməsi ba­xı­mın­dan əlamətdar olmasını, böyük uzaqgörənliklə həyata keçi­rilən neft-qaz strategiyası ilə yanaşı, qeyri-neft-qaz sek­torunun, habelə regionların hərtərəfli inkişafını, iqtisadiy­yatın diversifikasiyası və liberallaşdırılması istiqamətində aparılan islahatların, sahibkarlığa dövlət qayğısının ölkə iqtisadiyyatının və sahibkarlığın davamlı inkişafına mühüm təkan verməsini nəzərə alaraq 2012-ci il dövlət büdcəsi layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov.

S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli millət vəkilləri, ilk növbədə mən hamıya bu salonda səslənən tövsiyələrə, təkliflərə görə minnətdarlığımı bildirmək istər­dim. Hesab edirəm ki, 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi çox işgüzar şəraitdə gedir. Çıxış edən bir çox millət vəkilləri dövlət büdcəsi layihəsinə və büdcə layihəsi ilə birlikdə təqdim olunan sənədlərin hazırlanmasına peşə­karlıq səviyyəsində yüksək qiymət vermişdir. Ona görə də min­nət­darlığımı bildirmək istərdim. Bununla belə, mü­za­kirələr zamanı qaldırılmış bir sıra məsələlərə aydınlıq gətir­mək, bəzilərini cavablandırmaq, hesab edirəm ki, zəruridir.

Hesab edirəm ki, vacib məsələlərdən biri dövlət büdcəsinin təqdimatı prosedurlarının gözlənilməsidir. Bütün bu prosedurlar “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq həyata keçirilmişdir. Burada bir sıra deputatların da qeyd etdikləri kimi, bu ildən dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunandan əvvəl artıq ictimai müzakirələr üçün Maliyyə Nazirliyinin İnternet səhifəsində yerləşdirilmişdir. Bununla da geniş ictimaiyyətə, büdcə məsələləri ilə maraqlanan analitiklərə, təhlilçilərə, ekspert­lərə imkan yaradılmışdır ki, onlar öz fikir və təkliflərini bildirsinlər. Mən hesab edirəm ki, ictimai müzakirənin nə demək olduğunu da aydınlaşdırmalıyıq. Biz ictimai müzakirələrdən qaçmırıq, hər bir ictimai müzakirədə iştirak etməyə hazırıq. Amma bunun formatı bizə aydın olmalıdır.

Milli Məclis xalqın nümayəndələrindən ibarətdir və burada xalqın nümayəndələri iştirak edir, ictimaiyyəti təmsil edirlər. Şübhəsiz ki, büdcənin müzakirəsi üzrə öz töhfələrini verirlər. Onu da qeyd etmək lazımdır ki, burada gedən müzakirələr zamanı iqtidar yönümlü deputatlar, hətta dövlət orqanlarının nümayəndələri dövlət büdcəsi layihəsinin müzakirəsi ətrafında bir çox tənqidi fikirlər irəli sürürlər. Bu da normal bir prosesdir. Hesab edirəm ki, biz də müvafiq suallara, tənqidlərə öz şərhlərimizi veririk. Amma bəzi məsələlərlə mən tamamilə razılaşa bilmərəm.

Fazil Mustafa deyir ki, büdcə xərclərinin 60 faizinin açıqlanması verilməyib. Bilmirəm, eynək lazımdırsa, təqdim edə bilərik. Layihələrdə nəyisə görmürsə və yaxud çətinlik çəkirsə, deputat müraciət etsin, biz ona köməklik göstərə bilərik. Mən şəxsən Milli Məclisin bütün komitələrinin işində iştirak etmişəm. Komitələrin iclaslarında əksər suallara cavablar vermişəm, aydınlıq gətirmişəm, şərhlər etmişəm. Hesab edirəm ki, bu da hökumətlə parlament arasında normal münasibətlərin təzahürüdür və işgüzar şəraitdə biz belə məsələlərə aydınlıq gətiririk. Amma demək ki, filan xərclər açıqlanmayıb, bu xərclər yoxdur, tamamilə əsassız ittihamlardır.

Bir çox deputatlar öz çıxışlarında tamamilə məntiqi ola­raq təmsil etdikləri seçki dairələrinin, regionların problem­lərinə toxunmuşdular və bu regionlarda bir çox məsələlərin daha tez həll edilməsi üzrə təkliflərini irəli sürmüşdülər. Söhbət kənd yollarının çəkilməsindən, müxtəlif infrastruktur yönümlü layihələrdən, irriqasiya layihələrindən, sosial obyektlərin, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və sair tikilməsindən gedirdi. Bununla bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Hesab edirəm ki, bütün bu təkliflərin təh­lil edilməsi üçün vaxt lazımdır. Bu isə bir həftə, on gün ər­zin­də həll olunan məsələlər deyildir. Amma əvvəllər də olduğu kimi, Milli Məclisdə səslənən təklifləri təhlil edəcəyik, bununla əlaqədar bir çox məsələlər öz həllini tapacaqdır. Siz də bunun şahidisiniz.

Burada yenə də bir çox, o cümlədən sosial təminatla əlaqədar, pensiyaların, əmək haqlarının artırılması və sair məsələlər qaldırılmışdı. Mən bir daha qeyd etmək istərdim ki, növbəti ildə məhz əmək haqlarının və pensiyaların artımı ilə bağlı təxminən 800 milyon manat vəsait dövlət büdcəsinin layihəsində nəzərdə tutulub. Böyük bir artımdır. Millət vəkili Valeh Ələsgərov da çıxışında bu məsələyə toxunmuşdu. Hər bir millət vəkili məsuliyyətini dərk edib bu təklifləri verməlidir. Bilirsiniz, bu gün müəyyən vəsait var, əmanətləri artırmaq olar, amma şübhəsiz ki, biz həmin məsələlərə daha uzunmüddətli perspektiv prizmasından baxmalıyıq. Çünki bu gün nəyisə kəskin surətdə artıraraq 4–5 ildən sonra biz bunun davamiyyətini təmin edə bilməyəcəyiksə, şübhəsiz, böyük bir problem yaranacaq.

Burada hökumət nümayəndələri də göstərdilər ki, bir çox Avropa ölkələri məhz sosial sahədə müəyyən maliyyə təminatı olmayan, əsaslandırılmamış artımlar hesabına bu gün böyük problemlərlə üzləşirlər. Bu problemlərin həllini nədə görürlər? Həmin artımları faktik olaraq kəskin surətdə kəsirlər. Azərbaycanda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu məsələlər ardıcıllıqla, amma tədricən öz həllini tapır. Biz niyə demirik ki, 2011-ci ildə pensiya sahəsində böyük bir addıma imza qoyduq? Cənab Prezident tərəfindən Milli Məclisə qanun layihəsi təqdim olunmuşdu və siz də bunu dəstəkləmişdiniz. Faktik olaraq pensiya təminatı sistemində ikipilləli yanaşma və bəzi kateqoriya pensiyaçılara olan münasibət tamamilə dəyişdirildi. İrəliyə doğru, amma eyni zamanda, böyük həcmdə maliyyə vəsaiti tələb edən bir addım idi. Amma buna da artıq imkan yaradılıb və bütün bu maliyyə öhdəliklərini biz nəzərə almalıyıq.

Ümumiyyətlə, pensiya sahəsində hökumət tərəfindən böyük islahatlar həyata keçirilir. Məndə olan məlumata görə, gündəlikdə bu məsələdən sonra Dövlət Sosial Müdafiə Fon­dunun büdcə layihəsinin müzakirəsi nəzərdə tutulub. Mən hesab edirəm ki, müzakirələr zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri də bu məsələlərə toxunacaq. Amma bu sa­hədə də işlər görülür və Azərbaycanda müasir uzunmüddətli tələblərimizə cavab verən və maliyyə tələbatı yaradan pensiya islahatının həyata keçirilməsi nəzərdə tutulur. Bunu da nəzərə almalıyıq ki, dövlət büdcəsi bütün problemləri bir anda və yaxud bir büdcə ili ərzində həll edə bilməz. Bu aydındır, aksiomadır. Amma eyni zamanda, mən bunu təkrar etməyi vacib hesab edirəm.

Baxın, son iki il ərzində biz müdafiə xərclərimizi kəskin surətdə artırmışıq və bunu davam etdiririk. Digər tərəfdən, bildiyiniz kimi, pensiya islahatı ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayrılan transferin məb­ləği də kəskin surətdə artır. 2010-cu illə müqayisədə 40 faizdən yuxarı artımdan söhbət gedir. Böyük bir maliyyə vəsaiti tələb edən artımlardır. Digər tərəfdən, bizim inves­tisiya proqramlarımıza uyğun olaraq dövlət tərəfindən bir çox tarixi əhəmiyyətli layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Ölkə Prezidenti tərəfindən Azərbaycan regionlarının su təchizatı və kanalizasiya məsələlərinin həll olunması məsə­ləsinə toxunmaq istərdim. Böyük vəsait tələb edən, amma eyni zamanda, böyük bir infrastruktur və çox əhəmiyyətli, nəhəng bir layihədir. Bütün region mərkəzlərində yeni su, kanalizasiya şəbəkələri yaradılacaq. Hələ Azərbaycan tari­xin­də belələri olmayıb. Bakıətrafı kəndlərdə və Bakı şəhə­rində də su-kanalizasiya məsələləri öz həllini tapacaq. İlkin qiymətləndirməyə görə, bu layihənin tam başa çatdırılması üçün ölkə üzrə təxminən 7 milyard manata qədər vəsait xərclənə bilər. Çox böyük və eyni zamanda, əhəmiyyətli bir layihədir. Şübhəsiz ki, bu layihənin tezliklə həyata keçiril­məsi üçün əlavə vəsaitə ehtiyac var. Bu infrastrukturların yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Digər tərəfdən, bilirsiniz ki, həm keçən, həm də bu il xey­li vəsaitimiz müəyyən təbii fəlakətlərin mənfi fəsadlarının aradan qaldırılmasına sərf edilib. Bu məqsədlərə də dövlət tərəfindən böyük vəsaitlər ayrılır. Dövlət öz vətəndaşlarının ehtiyaclarını çətin hallarda ödəməyə çalışır. Biz bütün bun­ları da nəzərə almalıyıq.

Digər tərəfdən, bizim bir sıra nəqliyyat infrastrukturu la­yi­hələrimiz var. Onların sırasında, burada qeyd olunduğu kimi, artıq beynəlxalq əhəmiyyətə malik layihələr, məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu, bilirsiniz ki, müəyyən vəsait­lər tələb edir. İcmal büdcənin sənədlərində bu xərclər təqdim olunur. Həmin layihələrin təkcə Azərbaycan üçün deyil, region üçün böyük əhəmiyyəti var, amma bu layihədən ilk növbədə Azərbaycan və Azərbaycanın regionları bəhrələnə­cək. Ona görə də biz bu layihələrin həyata keçirilməsinə müvafiq sənədlər təqdim etməliyik.

Azərbaycan Respublikasının infrastruktur layihələrinin hə­ya­ta keçirilməsi üçün böyük vəsaitlər tələb olunur. Burada energetika məsələlərinə də toxunuldu. Artıq elektrik enerji­si­nin istehsalı, generasiyası sahəsində əksər problemlər öz həl­lini tapır. Nəyin hesabına? Onun hesabına ki, dövlət tərə­fin­dən “Azərenerji” Səhmdar Cəmiyyətinə müvafiq zəma­nət­lər veri­lib və dövlət büdcəsindən bilavasitə vəsaitlər ayrı­lıb. Azər­­baycanda nəhəng bir enerji generasiya potensialı ya­­­ra­dılıb. Bu gün isə gündəmdə generasiyada əldə edilən nailiy­yətləri artıq ötürücü xətlərə, paylayıcı şəbəkələrə də şamil et­mək­dir. Amma bunlar üçün külli miqdarda vəsait tələb edilir.

Bakı şəhərində son illər ərzində dövlət büdcəsindən ayrı­lan vəsaitlər hesabına elektrik paylayıcı şəbəkələri öz gös­təricilərini xeyli yüksəltmişdir. Hazırda elektrik enerjisi­nin verilməsində müəyyən problemlər yaşansa da, etiraf etmək lazımdır, vəziyyət xeyli düzəlib və itkilərin sayı da azalıb. Amma regionlarda bu sahə daha çox vəsait tələb edir. Yəni regional elektrik şəbəkələrinin qurulması çox vəsait tələb edən layihələrdir. Şübhəsiz ki, bu layihələrin həyata keçiril­məsi üçün biz büdcədən vəsait ayırmalıyıq. Vəsaiti ayırdıq­da biz dayanıqlılıq məsələlərini də nəzərə almalıyıq. Eyni zamanda, biz makroiqtisadi vəziyyəti təhlil etməli və makro­iqtisadi vəziyyətə xələl gətirməməliyik. Yəni inflyasiya me­yillərini nəzərə almalıyıq. Bütün bu məsələlər, şübhəsiz ki, dövlət büdcəsində öz əksini tapıb.

Bir sıra deputatlar neft gəlirlərinin daha çox xərclənmə­sin­dən narahat olduqlarını bildirirlər. Amma eyni zamanda, biz ölkənin iqtisadi potensialını yaratmalı və ölkənin infra­strukturunu müasir tələblər səviyyəsinə çatdırmalıyıq. Bu baxımdan hesab edirəm ki, həmin layihələrin tezliklə həyata keçirilməsi labüddür. İqtisadiyyatımızın stimullaşdırılması istiqamətində, hesab edirəm, bunlar çox vacib və əhəmiy­yət­li addımlardır.

Burada bir sıra deputatlar, eyni zamanda, sosial ipoteka­nın artırılması, sosial mənzillərin tikilməsi məsələlərinə və sair toxundular. Tamamilə razıyam ki, gənc ailələr üçün mən­zillərin alınmasında dövlət tərəfindən müəyyən güzəşt­lər verilməli, yardım edilməlidir. Amma eyni zamanda, bu­nun maliyyə yükünə də baxmalıyıq. Burada müəyyən rə­qəm­lər də səsləndirildi. Bəzi deputatlar dedilər ki, bizim so­sial ipotekaya ayırdığımız pul təxminən 500–600 ailəyə bəs edəcək. Amma 25 min ailəyə gərəkdir. 25 min ailəni nə­zərə alsaq, böyük bir məbləğdən söhbət gedir. Təxminən 1 mil­yard vəsait gedəcək, bizə 50 dəfə çox vəsait lazımdır. 1 mil­yard vəsaiti dövlət büdcəsi hesabına əlavə verə və bunu hər il davamlı şəkildə təqdim edə bilərikmi? Bunları da fikirlə­şək. Mən inflyasiya tərəflərini demirəm. Bu məsələlərə daha məsuliyyətlə yanaşmalıyıq. Bir çox dövlətlərdə maliyyə problemləri məhz ipoteka kreditləri bazarında başlamışdır. Nəyə görə? Çünki böyük həcmlərdə ipoteka kreditləri veril­mişdir. Bu gün Yunanıstanda və bir çox Avropa dövlət­lərin­də yaşanan problemlər də məhz ucuz ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Yəni dövlət tərəfindən bu pulu 20 il ərzində çox aşağı faizlərlə verərək bunun dava­miy­yətini təmin edə bilməyəcəyik. Bu məsələyə baxmağa hazırıq. Am­ma eyni zamanda, hesab edirəm ki, bu məsələyə çox eh­tiyatla davranmalı və yanaşmalıyıq.

Bununla belə, burada tələbələr üçün yataqxana məsələsi qaldırılmışdı. Dövlət başçısının göstərişinə uyğun olaraq həmin məqsədlər üçün müvafiq vəsait artıq bu ildən baş­layaraq ayrılıb və bundan sonra da ayrılacaq. Amma Bakı şəhərində yataqxanaların tikintisi üçün müvafiq sahələr ayrılmalı, təşkilati işlər görülməlidir. Burada deputatların da qeyd etdikləri kimi, bir çox mövcud yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Şübhəsiz ki, biz məcburi köç­künlərin bu yataqxanalardan köçürülməsi məsələsini də ilk növbədə həll etməliyik. Bununla əlaqədar hökumət tərəfin­dən də müəyyən tədbirlər görülür. Amma bunlar, şübhəsiz ki, vaxt da tələb edir. Amma mən tam əminəm ki, yaxın gə­lə­cəkdə çox güman ki, 2012-ci ildə ilk yataqxana kompleks­ləri və yaxud binaları istifadəyə verilə bilər.

Bəzi deputatlar döyüş bölgələrindəki zabitlərin əmək haq­larının artırılmasına dair məsələlər qaldırdılar. Qeyd etmək istərdim ki, döyüş bölgələrində zabitlər xüsusi əlavələr alır­lar və bu məsələlər öz həllini tapmışdır. Amma zabitlərin mənzillərlə təmin edilməsi məsələsi ayrı bir mövzudur. Hər­bi qulluqçular üçün mənzillər məsələsinə də baxılır. Bununla əlaqədar müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Kira­yə ilə bağlı bir sıra məsələlər qaldırılmışdı. Hesab edi­rəm ki, bu məsələlər əsaslıdır. Hərbi qulluqçuların və yaxud ehtiyata buraxılan qulluqçuların kirayəsi arasında böyük bir fərq var. Hesab edirəm ki, bu fərqi biz bir az azaltmalıyıq. Bununla əlaqədar bu ilin büdcəsində müvafiq vəsait və qərarların qəbul edilməsi nəzərdə tutulub.

Kütləvi informasiya vasitələrinə dəstək, kino, teatr sahəsi­nə, qeyri-hökumət təşkilatlarına vəsaitlərin ayrılması üzrə, bildiyiniz kimi, müvafiq dövlət proqramları var və proqram­lar üzrə vəsait ayrılır. Bu məsələlər öz həllini tapıbdır. Şüb­həsiz, heç kəs hesab etmir ki, ayrılan vəsait yetərlidir, əlavə vəsait istənilir. Amma mən hesab edirəm ki, büdcədə müva­fiq balans öz əksini tapmışdır.

Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahə­sin­də də bəzi məsələlər qaldırılır. Biz onlara baxa bilərik. Amma məsələnin qoyuluşu özlüyündə düzgün deyil ki, illik büdcə 30 milyon təşkil edir. Bu gün 30 milyondur, sabah 70 milyon ola bilər. Biz dövlət büdcəsindən əlavə vəsait ayır­saq, sonra 100 milyon da ola bilər. Yəni burada bir məntiqli yanaşmaya ehtiyac duyulur.

Burada müzakirə olunan ən vacib məsələlərdən birinə Milli Məclisin Sədri hörmətli Oqtay müəllim də çıxışında münasibət bildirmişdi. Deputatlar parlamentin komitələrində bu məsələlərə toxunmuşdular. Bu, əmanətlərin qaytarılması, yaxud daha düzgün desək, indeksləşdirilməsi məsələsidir. Çünki qaytarmaqla bağlı heç bir problem yoxdur. Kim istə­yirdi, götürə bilərdi. Sadəcə, əmanətlərin dəyəri xeyli az idi.

Bununla əlaqədar əmanətlərin indeksləşdirilməsi barədə bir müddətdir ki, Milli Məclisdə də müzakirələr gedir. He­sab edirəm ki, Oqtay müəllim öz çıxışında tamamilə düzgün olaraq əsas problemlərə toxundu. Biz digər dövlətlərə köç­müş əmanətçilərin məsələlərinə baxmalıyıq. Bu, vacib mə­sələlərdən biridir. Bunun hüquqi tərəflərini çox diqqətlə öy­­nib çarə tapmalıyıq. Digər tərəfdən, indeksləşdirmə məb­ləğlərini və müddəti də müəyyən etməliyik. Hesab edirəm ki, əsas məsələlər bunlardır. Elə etməliyik ki, əmanətlərin ve­rilməsi ilə əlaqədar bir çox beynəlxalq və digər məh­kəmə­lərin bizə qarşı sanksiyaları ilə üzləşməyək. Bu məsələ çox vacibdir. Bu baxımdan Azərbaycandakı vəziyyəti digər MDB dövlətləri ilə müqayisə etmək, yəqin ki, o qədər də düz­gün olmazdı. Təkcə onu qeyd etmək istərdim ki, bir çox MDB dövlətləri əmanətlərin indeksləşdirilməsi və qaytarıl­ması barədə qərarları qəbul etsələr də, bunların bir çoxu icra­da­dır, yaxud ləng şəkildə icra olunur, böyük prob­lemlər var. Onu da nəzərə alın ki, onların bir çoxunda qəbul edilmiş qərarlarla nəzərdə tutulmuş vəsaitlər artıq dəyər­sizləşir.

Əvvəllər yadınızdadırsa, bizdə elə bir layihə var idi. Milli Məclis də bunun üzərində işləyirdi. Həmin əmanətləri uzun müddət ərzində, o cümlədən qiymətli kağızlar vasitəsilə vermək nəzərdə tutulurdu. Bu layihənin də öz qüsurları var. Amma dövlət başçısının bu məsələ ilə əlaqədar bizə tapşırığı var və yaxın zamanda biz müvafiq qanun layihəsinin təkmil­ləşdirilmiş variantını təqdim edəcəyik. Hesab edirəm ki, bizə bu müddət lazım idi ki, biz məsələni daha düzgün dərk, təhlil edək və təkliflərimizi Milli Məclisə təqdim edək. Bu mə­s­uliy­yət həm hökumətin məsuliyyətidir, həm də de­pu­tat­lar tərəfindən müvafiq qanun qəbul edilməlidir. Amma mü­va­fiq qanunvericilik aktı qəbul edilməsə, şübhəsiz, əma­nət­lərin qaytarılması qeyri-mümkündür. Təkcə onu qeyd etmək istə­yirəm ki, qanun qəbul edildiyi təqdirdə 2012-ci ilin dövlət büdcəsində müvafiq vəsait ayırmaq imkanlarımız var. Mən hesab edirəm, bu da yaxşı bir zəmindir ki, biz qanunu tezliklə hazırlayıb Milli Məclisə təqdim edək.

Çıxışımı yekunlaşdıraraq, Oqtay müəllimin də çıxışında qeyd etdiyi kimi, ənənəvi olaraq biz müəyyən fasilə götü­­rək bu məsələlərə 10 gün ərzində yenidən baxacağıq. Burada qaldırılmış məsələlərin dövlət büdcəsində nəzərə alınması, yaxud müəyyən təshihlərin aparılması məsələsinə də mü­nasi­bətimizi bildirəcəyik. Bundan sonra güman edirəm ki, millət vəkilləri tərəfindən büdcəyə müsbət rəy və müsbət səslər veriləcəkdir. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Samir müəllim, Siz əmanət­lərin qaytarılması haqqında dediniz. Bir çox MDB ölkələ­rində həmin əmanətləri 8–10 il ərzində vermək nəzərdə tutu­lur. Samir müəllim söylədi ki, bu isə artıq pulun dəyərinin itirilməsinə gətirib çıxarır. Burada məqsəd ondan ibarətdir ki, 8–10 ilə yox, qısa bir müddətdə, bir neçə il ərzində bu məsələ həll olunsun. Maliyyə Nazirliyi də bu istiqamətdə işləyir. Dövlət başçısının tapşırığı var ki, bu işlər sürətlən­dirilsin.

Çox sağ olun, Samir müəllim. Büdcə layihəsinin müza­ki­rəsində 60 millət vəkili iştirak etdi. Qısa bir vaxt ayırdıq ki, verilən sualların bəzilərini cavablandırasınız. Əsas cavablan­dırma 10 gündən sonra Maliyyə Nazirliyinin hesabatında olacaq.

Dünən fikirləşirdik ki, əvvəl Dövlət Sosial Müdafiə Fon­du­nun büdcəsinin müzakirəsinə başlayaq. Etiraz etmir­sinizsə, birinci dörd məsələyə baxaq, sonra artıq arxayın­çı­lıq­la Dövlət Sosial Müdafiə Fondunun hesabatını dinləyərik. Etiraz yoxdursa, keçək gündəliyin 3-cü məsələsinə. Azər­bay­can Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi barədə Ziyad Səmədzadə çıxış edəcək. Ancaq xahiş edirəm, bir az konkret danışın, çünki qanun layihəsi hamıya verilib, hamı oxuyub. Bu həm Sizə, həm də millət vəkillərinə aiddir.

Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.

Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Əvvəla, mən İqtisadi siyasət komitəsinin və digər komitələr adından hökumətə, Maliyyə Nazirliyinə, Ver­gilər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və digər nazirliklərə, yəni büdcənin formalaşdırılmasında iştirak edən idarə strukturlarının rəh­bərlərinə təşəkkür edirəm. Sözün əsl mənasında Azərbaycan Respublikasının 2012-ci ildə dövlət büdcəsi haqqında qanun layihəsi çox geniş müzakirə olundu. Bir sıra məsələlərə çox ətraflı cavablar verildi. Bu gün isə hörmətli Fazil müəllimin və Samir müəllimin izahları, sözün əsl mənasında, Azərbay­can dövlət büdcəsinin Azərbaycanın milli maraqlarına cavab verdiyi, tələblərinə uyğun olduğu bir daha təsdiqlədi. Ona görə mən sizə öz təşəkkürümü bildirirəm.

Ən sevindirici hal ondan ibarətdir ki, dövlət başçısının tapşırığı ilə əmanətlərin qaytarılması məsələsi də gündəmə gələcək. Məlumat üçün bildirim ki, Milli Məclisin İqtisadi siyasət komitəsi digər komitələrlə bu məsələ üzərində iş­ləyib. Maliyyə Nazirliyində, hökumətdə kifayət qədər baza var. Əminəm ki, Oqtay müəllim, Siz də tapşırmısınız, qısa zaman kəsiyində biz yeni bir qanun layihəsi ilə bu məsələni gündəliyə çıxaracağıq.

2012-ci il üçün yaşayış minimumu haqqında qanun layi­həsi sizə verilib. Samir müəllimin son çıxışındakı izahatlar bir daha təsdiqləyir ki, ölkə əhalisinin sosial vəziyyətini xa­rakterizə edən göstəricilərin dinamikasında müsbət meyil­lər var. Mən də təklif edirəm ki, 2012-ci il yaşayış minimumu üzrə təqdim olunmuş qanun layihəsi aşağıdakı formada təs­diq olunsun. Yəni yaşayış minimumu ölkə üzrə 106 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilsin. Təbii ki, dövlət başçısının tapşırığı əsasında hazır­lan­mış bu qanun layihəsinin müzakirəsi prosesində də bir sıra məsələlər irəli sürüldü. Mən hesab edirəm ki, qanun la­yi­həsini bu variantda təsdiq etmək olar. Millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.

İ.Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri! Çox təəssüf edirəm ki, dərhal səsə qoymaq məsələsini deyirsiniz, amma yaşayış minimumu ölkə üzrə 108 manat müəyyən olunur. İqtisadi siyasət komitəsi tərəfindən arayış verilmir ki, 108 manat yaşayış minimumunun hansı şərtlərini ödəyir? Yaşayış minimumunun hansı şərtlərini bugünkü bazar şəraitində ödəmək mümkündür?

Əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84, uşaqlar üçün 87 manat məbləğində müəyyən olun­muş minimum yaşayış həddini, xahiş edirəm, komitə əsas­landır­sın. Komitə sədri səs verməyi təklif edir və deyir ki, hesab edirəm, bununla bağlı səs vermək lazımdır və qanun layihə­sini bu şəkildə qəbul etmək mümkündür. Necə müm­kündür? Bunun bir əsaslandırması yoxdurmu? Hansı meyar­lar əsas götürülərək, şərt kimi qəbul edilərək 108 manat, 116 manat, 84 manat, 87 manat müəyyən etmişik? Həmin me­yar­ların biri bu gün burada millət vəkillərinə təqdim olun­mayıb. Hansı şərtlər çərçivəsində meyarlar müəyyən olu­nub? Bu meyar­ların birini biz bilmirik, bizə təqdim olun­mayıb. Komitənin sədri təqdim etsəydi, biz bilərdik ki, əsaslandırılmış meyar budur. Mən hesab edirəm ki, bu gün hətta kim belə çıxış etsə, həmin meyarların birini əsaslan­dırmaq mümkün deyil. Nə 108 manatı hər hansı bir bazar şərtləri ilə əsaslandırmaq mümkündür, nə əmək qabiliyyətli əhali üçün 116 manatı, nə pensiyaçılar üçün 84 manatı, nə də uşaqlar üçün 87 manatı.

Mən komitənin sədrindən tələb edirəm, əgər hökumət üzvlərindən də cavab vermək istəyən varsa, əsaslandırsınlar ki, bu rəqəmləri haradan götürmüşlər? Bu rəqəmlər reallığın hansı şərtlərinə söykənir? Hansı şərtlər çərçivəsində bu rəqəmləri müəyyən etmişik və hesab edirik ki, bunlar, doğrudan da, yaşayış minimumunu təmin edə bilər? İstər çörəyin, istər yüngül sənaye məhsullarının, istərsə də digər ərzaq məhsullarının qiymətlərini müqayisə etsinlər. Elə təkcə ətin qiymətini 10 manatdan müəyyən etsinlər. Desinlər ki, yaşayış minimumunu bu şərtlər çərçivəsində müəyyən etmişik, adamlar bununla yaşaya bilərlər. Mən xahiş edirəm, hörmətli cənab Sədr, komitə sədri kimi təqdim edən Ziyad müəllim əsaslandırmaq istəmirsə, hökumət nümayəndələri ciddi dəlil qoysunlar ki, bu rəqəmləri nəyə söykənərək təqdim edirlər? Çox təşəkkür edirəm.

Sədrlik edən. Vahid Əhmədov.

V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Burada qeyd olun­du ki, yaşayış minimumu 108 manat, əmək qabiliyyətli insanlar üçün 116 manat, pensiyaçılar üçün 84 manat və uşaqlar üçün 87 manatdır. Əlbəttə, bunun özünün mexa­nizmi var. Yəqin, iqtisadçılar bunu bilirlər. Ehtiyac zənbili deyilən anlayış var. Ehtiyac və yaxud istehlak zənbilinə uyğun olaraq yaşayış minimumu təyin edilir. Azərbaycanda son zamanlar gedən proseslər, yəni istər bazar iqtisadiy­ya­tın­da, dünyada baş verən hadisələr, istərsə də Azərbaycana xaricdən inflyasiyanın idxalı və sair, əlbəttə, bu yaşayış minimumunun az olduğunu bir daha göstərir. Amma mən hesab edirəm ki, yaşayış minimumunu 108 manat məbləğin­də saxlamaq özü də az deyil. Nəyə görə deyirəm? Biz bir neçə dəfə burada demişik ki, digər meyarları yaşayış mini­mumuna çatdıra bilmirik. Əhaliyə yardım veriləndə ehtiyac meyarı nəzərə alınır. İndi bunu da təsdiq edəcəyik. Biz neçə dəfə xahiş etdik ki, gəlin, ehtiyac meyarını yaşayış minimu­muna çatdıraq və bu anlayışı, ümumiyyətlə, birdəfəlik gö­türək. Beynəlxalq iqtisadiyyatda belə bir anlayış – ehtiyac meyarı anlayışı yoxdur. Bunu bizdə fikirləşiblər. Ona görə də buna çatmaq lazımdır. Mən hesab edirəm ki, yaşayış minimumu ilə əlaqədar müəyyən qədər fikirləşməyə dəyər.

Mən burada iki məsələyə toxunmaq istəyirəm. Vergilər naziri Fazil Məmmədov mənim qaldırdığım məsələlərə ca­vab verdi. Birinci, vergi orqanlarının dövlət büdcəsinə borcu ilə əlaqədar mən hesab edirəm ki, onların dövlət büdcəsinə borcu var. Bu borclar külli miqdardadır. Bunların əlavə dəyər vergisi, ya borc, ya da penyalar olduğu bizi bir o qədər ma­raqlandırmır. Əgər əlavə dəyər vergisindən yaran­mış borc­lar ölü borclardırsa, Azərbaycan hökuməti ölü borcları birdəfəlik silsin. Yəni bilək ki, hesabatlarda bu borclar yoxdur.

İkinci, yaranmış borcların hamısı, mən deyərdim ki, va­x­tilə faktura ilə əlaqədar olan məsələlərdir. Hamımız bilirik ki, bu nələrə gətirib çıxardı. Orada dövlətin külli miqdarda vəsaiti, faktik olaraq, oğurlandı. Bunu hamımız bilirik. He­sablama Palatasının hesabatında bu rəqəmlər hamısı öz ək­sini tapıb. Bunu bir dəfə yığışın, ölü borclardırsa, birdəfəlik silin getsin.

Vergi yükünün azaldılması ilə əlaqədar olaraq, bəli, biz təklif edirik ki, qeyri-neft sektorunda vergi yükü azaldılsın. Yaxşı, azaltmaq istəmirsiniz. İkinci bir təklifimiz var. Biz 3 ildir ki, “Xüsusi iqtisadi zonalar haqqında” Qanun qəbul etmişik. Niyə Azərbaycanda bu günə qədər bir iqtisadi zona yaradılmayıb? Çünki orada vergi, gömrük güzəştləri və sair güzəştlər nəzərdə tutulub. Yəni biz bunu da etmək istəmirik və deyirik ki, camaat bu cür vergiləri versin və sair. Burada rəqəmlər gətirsəniz də, mən indi mübahisə etmək istəmirəm, həmin rəqəmlərin yeri deyil. Dünən burada həmkarınız Elman Rüstəmov başqa rəqəmlər gətirdi, siz bu gün başqa rəqəmlər gətirirsiniz. Yaxşı olar ki, hökumətdə oturub bu rəqəmləri üzləşdirəsiniz. Amma mən şəxsən qaldırdığım məsələlərə cavabdehəm və istənilən yerdə mübahisə etməyə hazıram. Çox sağ olun.

Sədrlik edən. Vahid müəllim, indi mən demək istəmi­rəm. Dünən Siz çıxış etdiniz, hamı çıxış etdi. Bir-birimizin fikrinə qulaq asdıq. İndi isə bu məsələ ilə bağlı çıxış edək. Mübahisə açmayaq burada. Sizin fikriniz aydındır. Çıxış üçün 11 millət vəkili yazılıb. Səsvermə 10 gün sonra olacaq, səsə qoymuruq. Mən sual verirəm: yazılanlardan təkid edən var, ya yox? Hamı təkid edirsə...

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Elmira Axundova.

E.Axundova. Çox sağ olun, cənab Sədr. Bir məsələni qeyd etmək istərdim. Mənim təklifim pensiyaçılar üçün 84 manat yaşayış minimumu haqqındadır. Azərbaycan Respub­likasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azər­baycan Respublikasının qanun layihəsində əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 116 manatdırsa, pensiyaçılar üçün 84 manat müəyyən edilir. Lakin fikir verin, əmək pen­siyalarının baza hissəsinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli sə­rən­camı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilmişdir. Göründüyü kimi, pensiyaçılar üçün yaşayış minimumu Prezidentin sərənca­mında göstərilən pensiyaların baza hissəsindən belə aşağıdır. Sualım belədir: bu nədən irəli gəlir?

İkinci də, düşünürəm ki, pensiyaçıların sağlam və gənc adamlardan daha çox ehtiyacları var, çünki onların pensi­yalarının böyük hissəsi dava-dərmana gedir. Xahiş edirəm ki, bu məsələni bir də nəzərdən keçirib pensiyaçılar üçün yaşayış minimumunun həddini, heç olmasa, bir az artıraq. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Fazil Mustafa.

F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə burada səslənən bəzi fikirlərə, Oqtay müəllim, prosedur qaydalarına toxunmaq istəyirəm. Ümumiyyətlə, mən cənab Heydər Əsədova təşəkkür etmək istəyirəm. 6–7 dəqiqə ərzində bizə paylanan layihənin özətini söylədi. Çalışmaq lazımdır ki, sonrakı müzakirələrdə çıxışlar 10–15 dəqiqəni keçməsin. Əsasən deputatların fikirləri səslənsin ki, hökumət də bu fikirləri əsas götürərək büdcə layihəsində nələri dəyişib, nələri dəyişməyəcəyini ortaya qoysun. Bura­dakı müzakirələrə hər halda diqqət yetirməyimiz vacibdir.

İkinci, üslub məsələsi ilə bağlıdır. Sizdən çox xahiş edi­rəm, Oqtay müəllim, belə müzakirələrdən öncə Nazirlər Ka­binetinin üzvləri ilə görüşəndə bəzi nazirlərə izah edəsi­niz ki, depu­tatların qarşısında çıxış edəndə onları aşağıla­maq, yaxud da onlara qeyri-etik tövsiyələr vermək ortadan qaldırılsın. Çox hörmət etdiyim Samir müəllim mənim fikir­lərimi qəbul etməyə bilər, deyə bilər ki yanlışdır, səhvdir, iqtisadiyyatdan başı çıxmır, düzgün fikir söyləmədi. Amma deyəndə ki, ey­nək lazımdırsa, eynək verək, bu, deputatlara qarşı hörmətsiz­likdir. Bu cür yanaşmaq olmaz. Burada otu­ran adamların kifa­yət qədər həyat təcrübəsi və savadı, ağlı da çatar ki, bu pro­ses­ləri çox dəqiq izah etsinlər. Büdcədə hansı nöqsanların ol­du­ğunu hamımız çox dərindən bilirik. Bunun üçün də iqtisa­dçı olmağa ehtiyac yoxdur. Mən buna diqqət yetirilməsini vacib sayıram.

Ehtiyac meyarı ilə bağlı məsələdə nəyi sizin diqqətinizə çatdırmaq istəyirəm. Mən də əsaslandırmanı real saymıram. Amma Azərbaycan reallığında bir məsələ var. Bu günlərdə bir neçə seçici mənə müraciət etmişdi. Qadının 16 yaşında uşağı onkoloji xəstədir. 56 manat müavinət alır. Yəni yaşa­yış minimumundan da 2 dəfə aşağı müavinət alır. Bu onko­loji xəstənin kimya tədavisi, başqa müalicə xərcləri var. Bunu necə eləsin? Mən Elmira xanımın fikrinə qatılıram ki, pensiyaçılar məsələsinə baxmaq lazımdır. Müharibə veteran­larına əvvəl 14 manat pul verilirdi, kommunal xərclərdən azad idilər. Sonradan bu məbləğ 30 manat oldu, amma kom­munal xərclərin qiymətinə baxın. Binalarda qazın olmaması, elektrik xərclərinin artıq olması. 30 manatla kommunal xərc­lərini necə ödəyə bilər? Nəqliyyat xərclərini ödəyə bilər? Ona görə də ədalətli bir yanaşmaya ehtiyac var.

Bu gün müzakirələrin dayandırılmasını təklif edirlər. Əs­lin­də, bunları müzakirə etmək lazımdır. Deputat həmkarım Siyavuş Novruzov deyir: bu, siyasi partiyalar haqqında qanun deyil ki, ictimai müzakirəyə çıxarılsın. Bu, qanunda nəzərdə tutulubdur. Siyasi partiyalar haqqında qanunla bunun nə əlaqəsi var? Əksinə, qeyri-hökumət təşkilatlarının, ixtisaslaşmış qurumların münasibətini öyrənib mükəmməl bir büdcə ortaya qoymaq lazımdır. Çünki bu büdcə ayrıca Nazirlər Kabinetinə aid məsələ deyil, bütün xalqa aid məsələdir. Hamının da burada iştirakının nə ziyanı var? Gə­lə­cək müzakirələrdə prosedur məsələlərinin, xüsusilə də deputatlara münasibət məsələsinin daha doğru olmasını, onlara ehtiyatla yanaşılmasını xahiş edirəm, Oqtay müəllim, həmişə nəzərdə saxlayasınız. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Mən bunu həmişə nəzərdə saxlamışam. Heç kim deyə bilməz ki, bu məsələlər nəzərə alınmayıb. O ki qaldı çıxışlar məsələsinə, burada 125 millət vəkili, 10 nəfər hökumət nümayəndəsi var. Biz onlara imkan yaratmalıyıq ki, büdcəni təqdim etsinlər. Bundan öncə komitə iclasları oldu. Komitə iclaslarının hər biri 2–3 saat çəkdi. Hər biriniz orada çıxış etdiniz, sözlərinizi dediniz. İndi hökumət üzvləri verilən sualları cavablandırmalıdırlar, ya yox? Prosedur məsələsi düzgündür.

Yaşayış minimumu barədə Vahid müəllimin dedikləri ilə razıyam. Yaşayış minimumu ilə ehtiyac meyarı məsələsinə, Samir müəllim, baxmaq lazımdır. Bu məsələ çoxdan qalxıb. Yəni bir düzəliş olmalıdır, vahid bir şəkildə ortaya çıxmalıdır. Hər il biz yaşayış minimumu məsələsinə baxırıq, hər dəfə də belə lazımsız söhbətlər ortaya çıxır. İndi burada əsas məsələ nədir?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. İqbal Ağazadə sualını verdi, çıxdı getdi. Komitə sədri cavab verəcək.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Nəyi müzakirə edək? Müzakirəyə çıxarılan sənədlər verilib, sizdədir.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Komitələrdə 10 dəfə müzakirə etmisiniz. Fərəc müəllim, bir dəqiqə, xahiş edirəm. 10 dəfə müzakirə etmisiniz. Ziyad müəllim, buyurun, verilən sualları, xahiş edirəm, cavablandırın.

Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bir qayda olaraq, ənənə şəklində büdcə zərfinə daxil olan sənədlər içərisində neçə illərdir, yaşayış minimumu, onun mahiyyəti, strukturu haq­qında kifayət qədər materiallar var. Stenoqramlarda var, mən hər il hökumət üzvləri ilə birlikdə yaşayış minimumu, onun strukturu, xərc maddələri barədə məlumatlar verirəm. İndi vaxtınızı almaq istəmirəm. Ancaq dinamikaya baxın. 2005-ci ildə ölkədə yaşayış minimumu 42 manat, pensiyanın orta həcmi cəmi 25 manat idi. Artıq 2012-ci ildə Azərbaycanda pensiyaların orta həcmi, yəqin, Səlim müəllim deyəcək, 167 manat təşkil edəcək. Yəni bir sıra göstəricilərin təsiri altında yaşayış minimumu formalaşır. Ölkədə orta aylıq əmək haq­qı, pensiyaların baza hissəsi, yoxsulluğun səviyyəsi göstərir ki, minimum yaşayışı təmin etmək üçün nə qədər vəsait lazımdır. Təbii ki, qiymətlər arta bilər, indeksləşmə aparılır.

Mən istəyirəm, İqbal müəllim bilsin ki, belə bir termin var: müdafiə olunan xərc maddələri. Buraya əməyin ödənişi, pensiyalar, ərzaq, dərman xərci və sair daxildir. Bu gün Azərbaycanda müdafiə olunan xərclər büdcə xərclərinin 27 faizini təşkil edir. Son 5 ildə yaşayış minimumu ilə bilava­sitə əlaqədar olan müdafiə olunan xərclər 846 milyondan 4 milyard 700 milyona çatıb. Yaşayış minimumunun 105 ma­nat olması o demək deyil ki, bir insan 105 manata yaşayır. Pensiyalar, orta aylıq əmək haqqı artır. Pensiyanın baza his­səsi, xərc maddələri artır. Mən istərdim ki, dünya ölkələ­rin­də tətbiq edilən metodikadan biz də istifadə edək. Yaşayış minimumunun tərkibində olan xərclərin 60 faizindən çoxu ərzaq məhsullarına gedir. Ərzaq məhsullarının, təbii ki, qiymətlərinin artması inflyasiyanı artırır. Bu da pul gəlirləri­nin indeksasiyasını zəruri edir. Mən çox danışmaq istəmi­rəm. Azərbaycanda 2012-ci il üzrə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği o qədər də yüksək deyil. Lakin digər göstəricilərlə əlaqəli şəkildə dinamikaya baxdıqda, məsələni təhlil etdikdə, hesab edirəm ki, bu, kifayət qədər məqbul sayıla bilər. Hörmətli Samir müəllim dedi ki, təkcə bir il ərzində sosial məsələlərə, əmək haqqı ilə əlaqədar olaraq xərclərə 800 milyon əlavə pul vəsaiti ayrılacaqdır. Ona görə mən hesab edirəm ki, burada bir ziddiyyət yoxdur. Qanun layihəsinə səs verməyinizi sizdən xahiş edirəm.

Sədrlik edən. Hələ iclas təzə başlayır. Deyəsən, yorul­musunuz. Xahiş edirəm, bir az diqqətli olaq. Bir-birimizə hörmət edək. Mən də hesab edirəm ki, artıq, Ziyad müəllim, Siz gərək vərdiş edəsiniz. Yaşayış minimumu haqqında ha­mının məlumatı var. Çıxışınızda bunu xırdalamalı idiniz ki, artıq belə söhbətlər olmasın. Səsvermə sonra olacaq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Fərəc müəllim, nə təklif etmək istəyirsiniz? Çıxış etmək istəyirsiniz, ya təklif vermək? 11 nəfərin hamı­sına təkrar söz verək? Buyurun, Fərəc Quliyev.

F.Quliyev. Çox təşəkkür edirəm, cənab Sədr. Mən başa düşürəm, bəlkə də vaxtımız dardır, amma hər halda ciddi məsələdir və mən buna münasibət bildirmək istəyirəm. Hər halda qiymətlərin statistik müşahidəsi nəticələrinə əsaslanıb biz məsələlərə münasibət bildirməliyik. Ötən ilin eyni dövrü ilə müqayisədə 12 ayda ölkədə 14,42 faiz bahalaşma qeydə alınıbdır. Bu zaman Bakıda qiymətlər 18,5 faiz, regionlarda 10,4 faiz artıbdır. Qeyd edilən dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında 23 faiz olubdur. Qeyri-ərzaq məhsul­larında artım 4,42 faiz, xidmətlərdə isə 4 faizdən çox olub.

2011-ci ilin 10 ayında ölkədə istehlak qiymətləri 9 faiz, o cümlədən ərzaq məhsulları 13 faiz, qeyri-ərzaq məhsulları 3,6 faiz, xidmətlər isə 4,3 faiz yüksəlibdir. 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsa­sında oktyabr ayı üçün minimum istehlak səbətinin dəyəri müəyyənləşdirilibdir. Bu hesablamalar göstərir ki, aşağıdakı rəqəmlər deyilənlərdən tam fərqlidir. Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167 manat, pensiyaçılar üçün 150,9 manat, 14 yaşında uşaqlar üçün isə 209 manat təşkil edibdir. Ötən ay əmək qabiliyyətli əhali adambaşına nəzərdə tutulan ərza­ğa minimum 103 manat, pensiyaçılar 93 manat, 14 yaşına­dək uşaqların valideynləri isə 119 manat xərcləməli olublar.

Ay ərzində bazardakı qiymətlərdə əhalinin qeyri-ərzaq məhsullara çəkdiyi minimum xərclər işləyən əhali üçün 38 ma­nat, pensiyaçılar və 14 yaşa qədər uşaqlar üçün 72 manat olubdur. Xidmət xərcləri isə müvafiq olaraq yenə də 25 ma­nat, 22 manat, 17 manat olubdur. Bu rəqəmlərdən aydın olur ki, 2012-ci ildə minimum yaşayış üçün nəzərdə tutulan 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensi­yaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğləri çox aşağı rəqəmlərdir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Sədrlik edən. Mən hesab edirəm, Ziyad müəllim məsə­ləni izah etdi. Bir sualı da dinləyib bu məsələni bitiririk.

S.Rüstəmxanlı. Bilirsiniz, hörmətli Sədr, hörmətli Milli Məclis, 3 gündür müzakirələr gedir. Bəzi dostlarımız elə da­nışırlar ki, elə bil, onlar aydan gəliblər, Azərbaycan cə­miy­yətindən yox, camaatın necə yaşadığından xəbərləri yoxdur. Mənim Ziyad müəllimə hörmətim var. O, iclasda Milli Məc­lisin komitə sədrindən daha çox maliyyə işçilərindən biri kimi danışdı. Halbuki biz burada opponentik, gərək bu mə­sə­lələrə daha ciddi yanaşaq. Bu gün də çox heyranlıqla da­nışır. Deyir, artım tempinə baxın. Artım tempi bir şeydir, əha­linin bazar, kommunal xərcləri ayrı şeydir. Azərbay­can­da bunların hamısı haqqında bu gün danışırıq.

Bir müqayisə aparan varmı ki, əhalinin gəliri ilə onun ödə­diyi kommunal xərclərinin nisbəti necədir? Nə qədər əli­nə pul gəlir və nə qədər işığa, qaza, suya, torpağa pul verir? Bunu müqayisə edən varmı? Bir elmlər doktoru, deyək ki, 500–700, 1000 manat alır. Onun evində də 5 ailə üzvü varsa, bu məbləği böləndə, görün, minimum yaşayış həddi səviy­yəsində hər ailə üzvünə pul çatır? Vaxtilə Azərbaycanda uşaq pulu verirdilər. Bir çoxumuz, kənddə böyüyənlər həmin uşaq pulu ilə böyümüşük. Bu gün bunlar ləğv olundu. Niyə? Çünki çoxuşaqlılığın qarşısı alınsın, əhali artmasın. Bu nə siyasətdir? Mən bunu başa düşmürəm. Ailələr var, evində 5–6 uşaq böyüyür. Bir və ya iki nəfər işləyir, onların aldıqları maaş nə qədər yüksək olsa da, ailənin adi, gündəlik xərc­ləri­nə, çörəyə, suya çatmır.

Biz burada ümumi rəqəmlərlə danışırıq, çox gözəl. Azər­baycanda artım var, şübhəsiz, iqtisadiyyat yüksəlir, büdcə artır. Amma bunun əhalinin yaşayışına nə cür təsiri var? Bu­nun müqabilində bazar necə sürətlə yüksəlir. İnhisar Azər­bay­can bazarını məhv edir, Azərbaycan iqtisadiyyatının qar­şı­sına çəpər çəkilir, əhali öz həyətinin məhsulunu sata bil­mir, çünki hər şey xaricdən alınmalıdır. Çünki ticarət işlə­mə­lidir, bazar müxtəlif adamların əlindədir, onlar yaşa­malı­dırlar. Şəkərdən duza kimi müəyyən adamların əlindədir. Amma Azərbaycanda əhali heç bir iş görə bilməz. Nə əkə, nə də biçə bilər. Buğda da, taxta da kənardan gətirilməlidir. Bu nə siyasətdir? Bizi maraqlandıran budur. Bu məsələ həll olunmadıqca Azərbaycanda əhali normal yaşaya bilməyə­cək. Gəlin, açıq danışaq. Biz, yenə deyirəm, bu millətin övladlarıyıq, heç kim də istəmir, Azərbaycanda...

Sədrlik edən. Sabir müəllim, Siz çıxış etmisiniz. İkinci çıxış yeri deyil axı, sonra deyirsiniz, sözümü kəsir. 3 dəqiqə danışdınız, sualınızı verin.

S.Rüstəmxanlı. Kim deyə bilər ki, bu gün dediyiniz orta Azərbaycan ailəsinin aldığı pul onun xərclərinin neçə hissə­sini təşkil edir? Əslində, bu dəqiqə alınan maaşlar faizə çev­rilir. Faiz hesabı ilə desək, onun ehtiyacının 10–15 faizini ödəyir, qalan hissəsi başqa yollarla qazanılır. Bu müqayi­sə­lər aparılmadan əhalinin vəziyyəti haqqında danışmaq çox çətindir. Büdcə artıb, çox gözəl. Amma mənim millətimin yaşayış səviyyəsi gündən-günə ağırlaşır. Gedin, kəndlərə baxın. Heç kim işləmir, heç yerdən pul gəlmir. Nə cür yaşa­malıdır? Rayonlardan köçüb gedirlər. Əli-ayağı yer tutan­ların hamısının fikri odur ki, çıxım gedim. Ədalətsizlik, bir yandan da ehtiyacın, vəziyyətin ağır olması camaatı boğaza yığır. Hakimiyyət bunu düşünməlidir. Biz özümüzü sizdən ayırmırıq. Biz də sizinlə bir yerdə, amma bir dəstə adam yağ-bal içində yaşayacaq, millət zillət içində. Bu cür olmaz.

Sədrlik edən. Sabir müəllim, Siz sual vermədiniz. Sizdən başqa siyahıda 11 adam var. Misal çəkirsiniz. Əgər profes­sordursa, onun 5 uşağının 3-ü artıq işləyir. Misallara yaxşı baxın.

Gündəliyin digər məsələlərinə keçirik. Azərbaycan Res­pub­likasında 2012-ci il üçün ehtiyac meyarının həddi haq­qında Hadi Rəcəbli danışacaq. Hadi müəllim, xahiş edirəm, lazım olan izahlarla deyin ki, artıq söhbətlər yaranmasın. Bir də, millət vəkillərindən xahiş edirəm, büdcə müzakirə olu­nur, hamınız çıxış etmisiniz, danışmısınız. İndi hər bir çıxış­dan istifadə edib müxtəlif məsələlərə keçməyin. Bu­yurun.

H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.

Minnətdaram, cənab Sədr. Ehtiyac meyarının həddi bir məqsədlə müəyyənləşdirilir. Dövlət sosial yardımının təyin edilməsi üçün. Bu rəqəm də, əlbəttə, yaşayış minimumuna uyğunlaşdırılır. Biz gələn il üçün bu rəqəmi 84 manat müəy­yənləşdiririk. Bu da əvvəlki ildəki 75 manatdan 9 manat çox­dur. Bu hesabla ünvanlı yardım alanların sayı yüz min nəfərə qədər artacaq. Bu da bayaq çıxışlarda səslənən çoxuşaqlı ailələrin ümumi gəlirləri ilə bağlıdır. Bütövlükdə həmin rəqəm bu qrupdan olan insanlara ünvanlı yardımların verilməsi üçün müəyyənləşdirilir. Bu rəqəmi biz də komitə­də İqtisadi İnkişaf Nazirliyi və Dövlət Statistika Komitəsi ilə birlikdə çözmüşük. Həqiqətən, biz də bu fikirdəyik ki, gələcəkdə ehtiyac meyarı ilə yaşayış minimumu üst-üstə düşməlidir. Nəzərdə tutulur ki, təxminən 2013-cü ildə buna nail olacağıq. Diqqətinizə görə minnətdaram.

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Növbəti məsələ Azərbaycan Respublikası Dövlət Sosial Mü­da­fiə Fondunun 2012-ci il büdcəsi haqqındadır. Hadi müəl­lim, buyurun.

H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Hörmətli de­putat həmkarlarım, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan dövləti sosial rifah quruculuğu yolun­da inamla irəliləyir. Xalqın güzəranının yaxşılandırılması üçün bütün imkanlardan mərhələlərlə və səmərəli istifadə olunur.

Ümummilli liderimiz Heydər Əliyev dühasının başladığı ağrılı, bütün dövrlər üçün çətin olan sosial islahatlar uğurla, sistemli şəkildə həyata keçirilir, populizmdən uzaq, real imkanlara söykənən artımlarla daim müşayiət olunur.

Sosial müdafiənin möhtərəm Prezidentimiz İlham Əliyev modeli artıq onlarla dünya dövləti üçün örnək olmuşdur. Bu təcrübə beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Son iki gündə müzakirə etdiyimiz dövlət büdcəsinin sosial yönümlü, investisiya tutumlu olduğu bir daha arqumentli çıxışlarda özünün bariz təzahürünü və təsdiqini tapdı. Büdcə sənədləri toplumunun yeddinci zərfi məhz ölkənin sosial siyasət sisteminin əsas maliyyə mənbəyi olan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün nəzərdə tutulmuş rəqəm­lərindən bəhs edir. 20-ci ildönümünü qeyd etdiyimiz müs­təqil Azərbaycan artıq gələn ilə onlarla islahat proqramlarını geridə qoyaraq Dövlət Sosial Müdafiə Fondunun təxminən 2,5 milyard manatlıq büdcəsi ilə gedir.

Hörmətli deputat həmkarlarım, diqqətinizi ilk növbədə bu büdcənin mədaxil hissəsində olan artımlara və yeniliklərə cəlb etmək istəyirəm. Belə ki, büdcənin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çoxalacaq. Gəlirlərin əsas mənbələri olan məcburi sığorta haqları və dövlət büdcə­sindən ayırmaların xüsusi çəkisi müvafiq ardıcıllıqla 57,35 və 42,55 faiz olmaqla, hər iki göstəricinin artım hissəsi ötən illə müqayisədə təxminən eyni miqdarda – 11,1 faiz çoxal­maqla nəzərdə tutulmuşdur. Onu da vurğulamağı vacib sayı­ram ki, 2012-ci il üçün fondun büdcəsinin gəlirlərində möv­cud olan artımın 54,8 faizinin məhz transfer hesabına forma­laş­ması əhalinin bu qrupunun daha tutarlı sosial müdafiəsinə bilavasitə xidmət edəcəkdir.

Fondun fəaliyyətində ciddi kompleks, mütərəqqi yenilik­lərin aparılması, həm də icbari sığorta haqlarının yığım əm­salının artırılmasında özünü bariz şəkildə göstərmişdir. Belə ki, gələn il üçün bu rəqəmin daha 130 milyon artırılacağı proqnozlaşdırılmışdır. Düşünürəm ki, əhalinin fiziki şəxs qismində fəaliyyət göstərən hissəsinin sığortaya cəlb olun­ma­sı məsələsi bu qrup insanların gələcəkdə pensiya təminat­ları ilə daha dəqiq əhatə olunmasına xidmət edərdi. Gələn il üçün bu əhali sırasının sığorta yığımı cəmi 31,9 milyon ma­nat proqnozlaşdırılmışdır. Nəzərə alsaq ki, 2005-ci ildə bu subyektlərin sayı 210 min idisə, bu il artıq 310 minə çatmış­dır. Belə olan halda 2011-ci ildəki yığım rəqəmindən gələn il az vəsait toplanmasının proqnozlaşdırılması sual doğurur. Əgər biz hamılıqla Dövlət Sosial Müdafiə Fondu sisteminin yerli strukturlarına yaxından kömək etmiş olsaq, ilbəil artan fiziki şəxsləri sosial sığortaya cəlb edə bilərik. Bu yığım rə­qəmini iki, hətta üç dəfə də artırmaq olar. Bununla da böyük bir qrup insanı biz pensiya təminatına cəlb edə bilərik.

Hörmətli deputat həmkarlarım, Dövlət Sosial Müdafiə Fon­dunun büdcə xərclərinin 97,5 faiz miqdarında hissəsi müva­fiq olaraq, əsasən, əhaliyə ödənişlərə yönəldilmişdir. Çıxışa hazırlaşarkən Dövlət Sosial Müdafiə Fondunun büd­cə­sinin təqdim edilməsi ilə bağlı çıxışlara diqqət yetirdim. Orada səslənən təkliflərə, təhlillərə, suallara nəzər saldım. Sevindirici haldır ki, illərlə, həm də sizin tərəfinizdən səs­lən­dirilən fikirlərin böyük əksəriyyəti möhtərəm Preziden­timiz cənab İlham Əliyevin gündəlik qayğısı, böyük dəstəyi ilə fondun islahatçı kollektivi tərəfindən nəzərə alınmış, tək­liflərin böyük bir qismi həyata keçirilmişdir. Belə ki, pensi­ya ayırmalarında olan uyğunsuzluğun tənzimlənməsi üçün təkcə bu il 800 min pensiyaçının ödənişləri, demək olar ki, iki dəfə artırıldı. Bu məqsədlə ayda 34 milyon manat əlavə vəsait ortaya qoyuldu. Məhz bu hesabla 2012-ci ildə pensi­ya­nın sığorta hissəsinin bu ilə nisbətən 39,7 faiz artması nəzərdə tutulmuşdur.

Gələn il üçün uzun illər səsləndirdiyimiz bir fikir də özü­nün əsaslı və müsbət həllini tapmışdır. Pensiya təminatından başqa, əhalinin sığorta olunan böyük bur qrupu üçün sana­toriya-kurort xərclərinə ayırmaları da maraq doğurur. Həmin qrup üçün 15,66 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da son 3 illə müqayisədə 2,5 dəfə, əvvəlki illə müqa­yisədə isə 2,5 milyon manat çoxdur. Bu uğurlu düzəlişin və addımın fonunda gələcəyimiz olan uşaqlar üçün büdcədə nəzərdə tutulmuş sağlamlıq düşərgələrinə 150 min manatın 10 dəfədən çox artmasına böyük ehtiyac var. Düşünürəm ki, bir az ciddi məşğul olsaq, heç bir narahatlıq olmayacaqdır.

Bir məsələyə də diqqəti cəlb etmək istərdim. Fondun büdcəsində gələn il üçün bəzi gözlənilən artım templəri çox təəssüf ki, öz əksini tapmamışdır. Məsələn, pensiyanın baza hissəsinin artırılması üçün əvvəlki illərdə daim nəzərdə tutu­lan vəsait gələn il üçün sənədlərdə nədənsə öz əksini tapma­mışdır. Düşünürəm ki, indiki halda dövlət büdcəsindən fonda transferin artmasından çəkinmədən yuxarıda səslən­dir­diyim məqsədlər üçün əlavə vəsaitin ayrılması heç də pis olmazdı.

Hörmətli deputat həmkarlarım, fondun büdcəsi, əslində, bugünkü reallıqları özündə əks etdirən ölçülü-biçili sənəd­lər­dən biridir. Hesab edirəm ki, məndən sonra çıxış edəcək hörmətli cənab Səlim Müslümovun təqdimatında həmişə olduğu kimi, yenə də rəqəmlər korporativ və əyani şəkildə ortaya qoyulacaq, deputat həmkarlarıma ətraflı çatdırılacaq və əvvəlki illərlə müqayisədə bir sıra məsələlərə aydınlıq gətiriləcəkdir. Odur ki, sizdən Dövlət Sosial Müdafiə Fondu­nun gələn il üçün bugünkü reallıqlara söykənən büdcəsinin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.

Sədrlik edən. Sağ olun. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov.

S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Mü­dafiə Fondunun sədri.

Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cə­nab­lar! Azərbaycan Respublikasında Prezident İlham Əli­ye­vin həyata keçirdiyi siyasətin nəticələri ulu öndərimiz Heydər Əliyevin “Bizim vəzifəmiz dövlətimizin siyasətini, iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir” sözlərinin uğurla reallaşdırıldığını təsdiqləyir.

Təkcə 2011-ci ildə gerçəkləşdirilmiş pensiya islahatları­nın maliyyə yükünə diqqət yetirmək kifayətdir ki, ölkədə sosial siyasətin nə qədər diqqət mərkəzində olduğu əyani şə­kildə görünsün. Həmin islahatlar nəticəsində bir ildə pensi­yaçılara ödəniləcək əlavə vəsaitin həcmi 410 milyon manat olacaqdır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirlərinin 17 faizini təşkil edir. Digər tərəf­dən, bu islahatdan sonra 1 milyon 280 min nəfər pensiya­çı­nın 97,35 faizinin, yaxud 1 milyon 246 min nəfərinin pensi­ya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilmişdir, həm də pensiyaların orta aylıq məbləğinin əmək haqqının məbləğinə nisbəti 40 faizi ötmüşdür. Təbiidir ki, bu artım­lar­dan sonra pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti artacaq və 2012-ci ildə 5,34 faizə çatacaq. Müqayisə üçün qeyd edim ki, bu göstərici 2003-cü ildə 3,9 faiz olmuşdur. Hazırda qonşu Rusiyada 8 faiz, Qazaxıstanda 4,7 faiz, Almaniya və Fransada 13 faiz, Avstriya və İtaliyada 15 faiz, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində isə ortalama 14 faizdir. Mən bu göstəriciləri ona görə söy­lədim ki, dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problem barədə fikirləri diqqətinizə çat­dırım.

Yeni yüzilliyin ortaya qoyduğu əsas çağırışlardan biri əha­­linin tərkibində xüsusi çəkisi artan ahıl nəslin nüma­yən­dələrinin layiqli həyatını təmin etmək üçün dövlətin yönəlt­diyi vəsaitin artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan imkanları arasında optimal nisbəti saxlamaq problemidir. Artıq bir sıra ölkələrdə – İtaliya, Yunanıstan, İrlandiya, İspa­niyada milli iqtisadiyyatın mövcud şərtlər daxilində pensiya yükünü çəkmək iqtidarında olmadığı həmin ölkələrdə baş verən son hadisələrlə təsdiqləndi.

Bunlar bir daha göstərdi ki, məşhur Amerika iqtisadçısı Drakerin qeyd etdiyi kimi, bu yüzilliyin ən əhəmiyyətli dəyi­şiklikləri heç də elmi, texnoloji uğurlarla və ya insanın dəyi­şən daxili amilləri ilə deyil, demoqrafik sferadakı hadisələrlə bağlı olacaqdır. Çünki XX əsrin son 25 ilində milli gəlirin yaşı 65-dən yuxarı olan əhalinin xeyrinə yönəldilən hissəsi iki dəfə artmışdır və bu proses hazırda davam edir. Tezliklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin büdcəsinin ən bö­yük xərc maddəsi pensiya təminatı, tibbi yardım və sosial xid­mət xərcləri olacaqdır. Əgər müvafiq tədbirlər görülməz­sə, pensiya xərcləri iqtisadiyyatın inkişafını əngəlləyən ami­lə çevrilə bilər. Buna görə də əmək bazarının, demoqrafiya və miqrasiya proseslərinin, həmçinin sosial təminat və pen­siya-sığorta sistemlərinin tənzimlənməsi zamanı Azərbaycan hökuməti bu amili xüsusi diqqətdə saxlayır ki, bunu da aşağıdakı rəqəmlər təsdiqləyir.

Belə ki, 2003–2011-ci illər ərzində 60 yaşdan yuxarı in­sanların sayı 4 faiz artaraq 810,6 min nəfərə çatdığı halda, ümumi daxili məhsulun artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olmuşdur. Başqa sözlə, Azər­baycan hökuməti dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin ahıl insanların əhalinin strukturundakı payının hər 1 faizinə ümumi daxili məhsulun 0,3–0,5 faizi qədər pensiya xərcinin ayrılması prinsipinə artıq, demək olar ki, nail olmuşdur. Belə ki, 2003-cü ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin strukturundakı xüsusi çəkisi 9,4 faiz, pensiya təminatına yönəldilən vəsait isə ümumi daxili məh­sulun 3,9 faizi idisə, 2011-ci ildə bu rəqəmlər müvafiq ola­raq 8,19 faiz və 4,8 faiz olmuşdur. Göründüyü kimi, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturun­dakı payının hər 1 faizinə ümumi daxili məhsulun 0,53 faizi düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstərici­lərə uyğun gəlir.

Bütün bu strateji məqsədlər, eləcə də cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri, növbəti ildə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2009–2015-ci illər üçün “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi­nin inkişafına dair” Dövlət Proqramında 2012-ci il üçün nəzərdə tutulan tədbirlər, cari ilin keçən dövründə fondun büd­cəsinin icrası üzrə nəticələr, həmçinin 2012-ci ildə əhali­nin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik dəyişik­liklər və sığorta-pensiya sisteminin əsas parametrləri fondun 2012-ci il büdcəsi layihəsinin tərtibi zamanı əsas amillər ki­mi nəzərə alınmışdır. Belə ki, 2012-ci ildə iqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempinin iki dəfə aşağı düşəcəyi, 1 milyon 369 min nəfər və ya iqtisadiy­yatda məşğul əhalinin 31,4 faizi qədər olacağı, sərbəst məş­ğul əhalinin orta illik sayının isə 32,5 min nəfər artaraq 2 mil­yon 997 min nəfərə çatacağı proqnozlaşdırılır. Eyni za­manda, bir hissəyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq, 432,5 manata yüksə­ləcəyi, real artım tempinin 5,7 faiz, inflyasiyanın səviyyə­sinin isə 6 faiz olacağı nəzərdə tutulur.

Fond tərəfindən 2009–2015-ci illər üçün “Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair” Dövlət Proqramı ilə növbəti ildə nəzərdə tutulan bir sıra tədbirlərin gerçəkləşdirilməsi də büdcədə nəzərə alınmalıdır ki, bunlardan da, əsasən, sığorta-pensiya sisteminin fəaliy­yə­tinin aktual modellər əsasında təkmilləşdirilməsi, avtomat­laş­dırıl­mış pensiya təminatı sisteminə keçidlə bağlı hazırlıq tədbirlərinin davam etdirilməsi, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi üzrə hazırlıq tədbirlərinin da­vam etdirilməsi, qeyri-dövlət pensiya institutlarının yaradıl­ması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu fəaliyyəti tənzimləyən normativ-hüquqi ba­zanın hazırlanmasıdır.

2011-ci ilin yanvar–oktyabr aylarında fondun büdcəsinin icrası üzrə nəticələr belə olmuşdur. Büdcənin illik gəlirlə­rinin 79,3 faizi, illik xərclərinin isə 78 faizi icra olunmuşdur. Bu onu göstərir ki, ilin sonuna cari ilin büdcəsinin icrası tam şəkildə təmin ediləcəkdir. Növbəti ildə sığorta-pensiya sis­temində gözlənilən və büdcənin tərtibi zamanı nəzərə alın­mış əsas dəyişikliklər 2012-ci il yanvarın 1-dən qadınların pen­siya yaşının 58,5, kişilərinkinin isə 63 yaş müəyyənləş­dirilməsi, eləcə də cari ilin 1 iyunundan qüvvəyə minmiş 9 min nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının yeni­dən hesablanıb artırılması prinsipinin bütün ilə, yəni 12 aya şamil edilməsidir.

Pensiyaçıların sayının proqnozlaşdırılması zamanı 2012-ci ildə 1949-cu ildə doğulmuş 443,1 min nəfər kişinin 41,3 faizinin və 1953-cü ilin 1 iyuluna qədər doğulmuş 24,7 min nəfər qadının 11,1 faizinin yaşa görə pensiya sisteminə daxil olacağı, bu zaman həmin illərdə doğulmuş kişi və qadınlar­dan müxtəlif səbəblər, yəni dünyasını dəyişmə, ölkədən kö­çüb getmə, güzəştli pensiya hüququndan istifadə etmə, əlil olma nəticəsində müəyyən şəxslərin sistemdə qalmayacağı nəzərə alınmışdır. Bütün bu amillər uçota alınmaqla, il ər­zin­də sistemə, yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə pensiya sistemini 43,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır.

Qeyd etdiyimiz parametrlər nəzərə alınmaqla, fondun növbəti ilə pensiya xərcləri 2 milyard 322,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4 faiz və ya 275,1 milyon manat çoxdur. Pensiya xərclərinin 1 milyard 261 milyon manatı əmək pensiyalarının baza his­səsinin, 44 faizi və ya 1 milyard 20 milyon manatı isə sığor­ta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən baza hissəsinin xüsusi çəkisinin 8,3 faiz azalması, sığorta hissəsi­nin isə həmin rəqəm qədər artması deməkdir. Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsip­lə­rinin gücləndirilməsi hazırda gerçəkləşdirilməlidir.

Növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 milyon manat vəsait yönəldiləcəkdir ki, bunun da 200 milyon manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıx­mış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsin­də onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına, 22 milyon manatı sistemə 2011-ci ildə daxil olacaq pensiyaçıların pensiyalarının sığorta hissələrinin maliyyələşdirilməsinə, 68 milyon manatı isə əmək pensiya­la­rının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözləmək indeksi qədər, yəni 9,8 faiz indeksləşdirilməsinə yönəldiləcəkdir.

Göründüyü kimi, sonuncu islahat tədbirləri indeksləşdir­mənin bütün pensiyaçılara şamil olunması imkanını ortaya qoymuşdur, çünki artıq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi mövcuddur. Fondun büdcəsinin xərcləri içə­risində ikinci böyük xüsusi çəkiyə malik olan xərclər sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinət xərcləri­dir. Bu müavinətlərə 2012-ci il ərzində 71 milyon manat və ya cari ilə nisbətən 10,3 faiz çox vəsait yönəldiləcəkdir. Müavinətlər üzrə xərclərin artımı, qazancın məbləğindən asılı olaraq təyin edilən müavinətlər, yəni əmək qabiliyyə­tinin müvəqqəti itirilməsinə görə, hamiləlik və doğuma görə müavinətlər üzrə əmək haqqının artımı ilə, digər müavi­nət­lər, yəni uşağın anadan olmasına görə birdəfəlik verilən, uşaq 3 yaşına çatanadək ona qulluqla bağlı verilən müavinət və dəfn müavinəti üzrə isə bu müavinətləri alanların sayının artması ilə bağlıdır.

Fondun büdcə xərclərinin üçüncü elementi əhaliyə ödə­nişlə bağlı olmayan digər xərclərdir ki, bunlar da bütün xərclərin 2,46 faizini təşkil edir. 2012-ci ildə digər xərclər 60,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 13,1 faiz çoxdur. Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 18,8 milyon manat və ya cari ilin büdcəsinə nisbətən 2,3 milyon manat artıq nə­zərdə tutulur. Bunun əsas səbəbi növbəti ildə əhaliyə ödə­nəcək məbləğin 282 milyon manat çox olması ilə bağlıdır.

Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağ­lam­laşma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə müəyyən­ləş­dirilən xərclər 15,7 milyon manat məbləğində proqnozlaş­dırılır ki, bu da 2011-ci ilə nisbətən 13,6 faiz yuxarıdır. Artım, əsasən, sanatoriya-kurort müalicəsi və istirahət üçün alınacaq yollayışların sayının çoxalması ilə bağlıdır.

Dövlət Sosial Müdafiə Fondunun Aparatının, onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2012-ci ildə 21,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 2,9 faiz və ya 0,6 milyon manat çoxdur. Qeyd olunan xərclər fondun bütün xərclərinin 0,87 faizini təşkil edir ki, bu da sığorta-pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün bildirmək istərdim ki, bu göstərici Litvada 5,7 faiz, Moldovada 2,7 faiz, Rusiyada 1,9 faiz, Qazaxıstanda 1,9 faiz, Ukraynada 1 faizdir.

Təbiidir ki, yuxarıda qeyd etdiyimiz bütün xərclərin dəqiq maliyyələşdirmə mənbələri olmalıdır, yəni fondun büdcəsi tarazlaşdırılmış xarakter daşımalı, onun gəlirləri də ən azından xərcləri qədər olmalıdır. 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin iki mənbədən formalaşacağı proqnozlaşdırılır. Bunlardan birincisi fondun özünəməxsus gəlirləri, yəni toplanacaq məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər, ikincisi isə dövlət büdcəsinin transferləridir. Növbəti ildə məcburi dövlət sosial sığorta haqlarının 1 milyard 407,5 milyon manat və ya bütün gəlir­lərin 57,34 faizi qədər, sair gəlirlərin 2,5 milyon manat, büd­cə transferlərinin isə 1 milyard 44 milyon manat olacağı nə­zər­də tutulur. Ümumilikdə büdcə gəlirlərinin həcmi 2 mil­yard 454,3 milyon manat və ya cari ilə nisbətən 288,8 mil­yon manat və ya 13,3 faiz yuxarı olacağı proqnozlaşdırıl­mış­dır. Aydındır ki, fond özünəməxsus gəlirlərin sürətlə artırıl­ması istiqamətində tədbirlərin gerçəkləşdirilməsini inten­sivləşdirir və məhz bunun hesabına növbəti ildə sosial sığorta haqlarının cari ilə nisbətən 130,5 milyon manat və ya 10,2 faiz çox daxil olacağı nəzərdə tutulur.

Təkcə son 5 il ərzində, yəni 2006–2011-ci illərdə sosial sı­ğorta haqları 3 dəfə artmışdır. Bu artım sosial sığorta dərə­cəsinin sabit qaldığı bir şəraitdə, əsasən, əmək haqqının artı­rılması, sığorta olunanların qeydiyyatının gücləndirilməsi he­sabına təmin olunmuşdur. Hazırda fond sığorta olunan­ların qeydiyyatına nəzarət edən orqanlar, yəni Vergilər Na­zirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti ilə bu istiqamətdə daimi birgə iş həyata keçirir.

Mən burada bir məsələyə də diqqətinizi yönəltmək istər­dim. Hazırda sosial sığorta haqqı dərəcələrinin yüksək ol­ması barədə bir sıra fikirlər səslənir. Apardığımız tədqiqatlar göstərir ki, Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi səviyyəsinə görə Azərbaycan 25 faizlə Qazaxıstandakı 21 faizlik səviyyədən sonra ən aşağı dərəcə tətbiq edən ölkədir. Həm də bir nüansı qeyd etmək lazımdır ki, hökumət bu dərəcənin aşağı salın­ması ilə insanların fərdi hesablarında toplanan vəsaitin də azalacağını, bunun isə fərdi uçotun tətbiqi şəraitində onların gələcək pensiya təminatına mənfi təsir göstərəcəyini yaxşı anlayır. Halbuki belə aşağı salma hökumətin sığorta olunan­lar qarşısında gələcək öhdəliklərini azaltdığından kifayət qə­dər maliyyə resursu olan hökumət üçün də çətinlik yarat­mazdı. Belə bir şəraitdə, fikrimcə, ən düzgün addım sosial sığortanın ümumi dərəcəsini saxlamaqla onun tərkibində sığorta olunanların, yəni fiziki şəxslərin payının artırılması olardı. Lakin əmək haqlarının artırılmasının hələlik prioritet məsələ kimi qaldığı bir şəraitdə bu ideyanın gerçəkləşdiril­məsinin də, yəqin ki, müəyyən bir zaman kəsiyindən sonra baş verməsi məqsədəuyğun olardı.

İnflyasiya riskinin mövcudluğu şəraitində, ümumiyyətlə, vergi dərəcələrinin aşağı salınmasının qəbuledilməzliyini, həm də son dövrlər inkişaf etmiş dövlətlərdə əks prosesin, yəni sığorta dərəcələrinin qaldırıldığını nəzərə alaraq höku­mət hazırda bu məsələnin gündəlikdə durmadığını məqsədə­uyğun sayır. Müqayisə üçün bildirim ki, son 20 ildə sosial dərəcələri Avstriyada 1,25 faiz, Böyük Britaniyada 2 faiz, Almaniyada 4,2 faiz, İtaliyada 8,2 faiz, Kanadada 4 faiz, ABŞ-da 1,6 faiz, Yaponiyada 1 faiz, Rusiyada 8 faiz qaldır­mışlar. Təbiidir ki, məcburi dövlət sosial sığorta haqlarının artımının əsas mənbələri kimi mövcud işçi qüvvəsinin və ödənilən əmək haqlarının leqallaşdırılması çıxış edir. Çünki hazırda yuxarıda qeyd etdiyim səbəblərdən sığorta dərəcə­sinin artırılması gündəlikdə durmur. Halbuki mövcud prak­tikaya və fondda qeydiyyatda olan sığorta ödəyicilərinin faktik sayına görə büdcə transferi nəzərə alınmadan bugünkü pensiyaları maliyyələşdirmək üçün sosial sığorta dərəcəsi 35 faizə qaldırılmalıdır.

Əlbəttə, əmək haqlarının leqallaşdırılması üçün bəzən sı­ğorta dərəcələrinin aşağı salınmasının vacibliyi haqqında tezislər irəli sürülür və hökumət artıq bunu praktikada 2005-ci il yanvarın 1-dən sosial sığorta dərəcələrini işəgötürənlər üçün 27 faizdən 22 faizə endirməklə yoxlamışdır. Lakin kəs­kin nəticənin əldə olunduğunu söyləmək çətindir. Bu dövr­də, yəni 2003–2011-ci illərdə sığorta olunanların say artımı başlıca olaraq yeni yaradılmış iş yerlərinin hesabına gerçək­ləşdirilmişdir. Bütün bunlar onu göstərir ki, hazırda əmək haqlarının və işçi qüvvəsinin leqallaşdırılması istiqamətində cənab Prezidentin Nazirlər Kabinetinin bu ilin mart ayındakı iclasında verdiyi tapşırığın icrası üçün bütün müvafiq orqan­lar koordinasiya edilmiş fəaliyyəti gücləndirməlidirlər. Bu baxımdan, fikrimcə, ölkə daxilindəki pul dövriyyəsinin pos­ter­minallar şəbəkəsinin yaradılması və genişləndirilməsi yo­lu ilə uçotunun qurulması xüsusi əhəmiyyət kəsb edir. Çünki əmək haqlarının leqallaşdırılması ilk növbədə bu amildən asılıdır və düşünürəm ki, ölkədəki bank sistemi bu məsələni gündəlikdə saxlayacaqdır.

Bu istiqamətdə həyata keçiriləcək tədbirlərin nəticəsi nəzərə alınaraq məhz növbəti ildə fondun qeyri-büdcə sekto­runun əldə edəcəyi məcburi dövlət sosial sığorta haqlarının məbləğinin 9,1 faiz və ya 64,5 milyon manat artaraq 770 mil­yon manat olacağı proqnozlaşdırılır. Qeyd etmək istər­dim ki, 2006–2013-cü illər üzrə bu göstəricinin artımı 2,8 dəfə təşkil etmiş və toplanan vəsaitin həcmi 276 milyon ma­natdan 770 milyon manata qalxmışdır. Məcburi dövlət sosial sığorta haqlarının 637,5 milyon manatının büdcə təşkilatla­rın­dan daxil olacağı hazırda Milli Məclisdə müzakirə olunan 2012-ci il üçün dövlət büdcə layihəsindən aydın görünür. Bu məbləğ cari ilin proqnozuna nisbətən 11,5 faiz və ya 66 milyon manat yuxarıdır.

Ümumilikdə fondun bütün gəlirlərinin 42,54 faizini təşkil edən dövlət büdcəsinin transferləri haqqında da qısaca məlu­mat vermək istərdim. Transferin 1 milyard 44,3 milyon ma­natlıq ümumi məbləğinin 859,3 milyon manatı 1998-ci il yan­varın 1-nə qədər, yəni “Sosial sığorta haqqında” Azər­bay­can Respublikası Qanununun qəbulundan əvvəl pensiya­ya çıxmış təqribən 430 min nəfər pensiyaçının pensiyalarına, 185 milyon manatı isə hərbi qulluqçu, dövlət qulluqçusu və sair bu kateqoriyadan olan şəxslərin pensiyalarına, qulluq stajına görə verilən əlavələrin maliyyələşdirilməsinə yönəl­di­ləcəkdir. Göründüyü kimi, bu məbləğ bütünlüklə hökumə­tin pensiya sistemi qarşısındakı öhdəliklərinin, yəni sığorta ödəmələri olmadan müəyyənləşdirilən ödəmələrin maliyyə­ləş­dirilməsinə istifadə olunacaqdır. Bircə məlumatı diqqəti­nizə çatdırmaq istərdim. 2006–2012-ci illər ərzində yaşa görə pensiyanın orta aylıq məbləği 4,63 dəfə artaraq 36 ma­natdan 167 manata çatmışdır və bu, bütün pensiyaçılara, o cümlədən 1998-ci ildən pensiyaya çıxmış şəxslərə də şamil edilir.

Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbiidir ki, pen­siya sisteminin uzunmüddətli inkişaf konsepsiyasının ha­zır­lanması və orada bütün komponentlərin, o cümlədən gələ­cək ipoteka kreditlərinin əsas mənbəyi rolunu oynayacaq yığım komponentinin nəzərə alınması möhtərəm cənab Prezidentimizin təsdiq etdiyi müvafiq proqramda öz əksini tapmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən Dünya Bankı və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi ilə birlikdə sığorta-pensiya sisteminin ak­tual təhlilləri əsasında 2025-ci ilə və 2040-cı ilədək inkişaf modellərinin hazırlanması layihələri icra edilməkdədir. İlkin nəticələr göstərir ki, bu gün, eləcə də yaxın gələcək üçün sistemin əsas problemi heç də yığım komponentinin tətbiqi və ya transferlərin artması yox, əmək haqlarının və işləyən­lə­rin dəqiq uçotunun aparılmasıdır. Fikrimizcə, fondun 2012-ci il üçün büdcəsinin qəbulu və icrası həm bu proble­min həlli, həm də pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm elementi olacaqdır. Ona görə də mən sizin bu büdcə layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Hava şəraiti­ni nəzərə alaraq, əgər etiraz yoxdursa, iclasımızı fasiləsiz keçirək. Biz fasiləsiz işləməyə öyrənmişik, bizim həmkarlar da gərək öyrənsinlər. Xahiş edirəm, müzakirələrə yazılaq. Fərəc Quliyevin sualı var, buyursun.

F.Quliyev. Çox təşəkkür edirəm. Mən məruzəyə diqqətlə qulaq asdım. Amma bir məsələni öyrənmək istəyirəm. Biz keçən dəfə də gözdən əlillər ilə bağlı bir məsələ qaldır­mış­dıq. Onlar təqaüd yaşına çatandan sonra 50 manat civarında təqaüd alırlar. Bunu da belə əsaslandırırlar ki, təqaüd yaşına çatana qədər onlar işləməyiblər. Amma onların işləməmələri özlərinin iradələrindən asılı deyil, fiziki qüsurla bağlıdır. Mən soruşmaq istərdim ki, bu məsələ nəzərə alınıbmı? On­ların təqaüdlərinə əlavələr olacaqmı və yaxud bundan sonra həmin əlavələrin alınması mümkündür, yoxsa yox? Xahiş edirəm, mümkünsə, buna cavab verəsiniz. Sağ olun.

Sədrlik edən. Oldu. Sağ olun. Fəzail İbrahimli buyursun. Mən üzr istəyirəm. Mənim istədiyim budur ki, axıra kimi işləyək ki, gündəlikdəki məsələləri bitirək.

F.İbrahimli. Azərbaycan Respublikası Dövlət Sosial Mü­dafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı fikrimi bildirməz­dən əvvəl, Oqtay müəllim, mən büdcə layihəsinin mü­za­ki­rə­sin­də iştirak etmək üçün bir neçə məqama toxunmaq is­tərdim. Müzakirə etdiyimiz büd­cə Azərbaycan dövlətinin əldə­ etdiyi uğurların nəticəsi­dir. Bu, təsadüfi deyil, Azər­bay­can Respublikası Birləşmiş Millətlər Təşkilatının Təh­lükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycana səs verən 155 ölkə Azərbaycanın ala gözünə aşiq deyil. Bu, Azərbaycanın bilavasitə uğurları ilə bağlı bir məsələdir. Həmin uğurların mənbəyi Azərbay­canın keçirdiyi iqtisadi islahatlardır. Bu islahatlar isə məhz dövlət büdcəsinə söykənən əsas amillərdən biridir.

Mən komitənin iclasında söylədiklərimi demək istəyirəm. Tarix sübut edir ki, kasıb adamları heç vaxt süfrənin yuxarı başına keçirmirlər. Azərbaycanın uğurları bilavasitə əldə etdiyimiz büdcə ilə bağlı məsələdir. Büdcənin əsas ruhu bölünməsi məsələsidir. Burada hörmətli deputatların kifayət qədər iradları, fikir və mülahizələri oldu. Güman edirəm ki, hörmətli nazirlərimiz bu irad və mülahizələrə çox həlim münasibət bəsləsələr də, daha diqqətli ola bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi məhz bu büdcənin tərkib hissəsidir. Bu büdcə layihəsi ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. Dövlət Sosial Müdafiə Fondu bir il ərzində Azərbaycan Respublikası Pre­zi­dentinin bu məsələ ilə bağlı 4 mühüm sərəncamını uğurla həyata keçirib. Elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məb­lə­ğində əlavələr hesablanmışdır. Təxminən 32 min nəfərə qədər müharibə iştirakçısına birdəfəlik müavinət çatdırılmış­dır. Pensiyaların plastik kartlarla ödənilməsi məsələsi şəhər­də 100 faiz həyata keçirilib. Kəndlərdə isə bu, təxminən 98,9 faizə çatdırılıb. Keçən il biz büdcə müzakirələrində banko­mat­ların azlığından şikayət etmişdik. Bir il ərzində 13 ban­komat quraşdırılıb və xalqın istifadəsinə verilib.

Biz, adətən, bu fəaliyyətin əsas mahiyyətini aidiyyəti bey­nəl­xalq qurumların gedən işlərə münasibəti ilə ölçürük. Bir məqamı da demək yerinə düşərdi. Azərbaycanın sosial sı­ğor­ta pensiyası modeli nüfuzlu beynəlxalq təşkilatlar və ma­liyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, bu il iyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə əla­qələndirmə mərkəzi yaradılıb. Bütün bu deyilənləri nəzərə alsaq, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi qəbul olunmalıdır.

Nəhayət, sonda mən bir məqamı demək istəyirəm. Həm­karlarım, güman edirəm ki, mənim bu fikrimə şərik çıxarlar. Səlim Müslümov Azərbaycanda məmur mədəniyyətini gös­tə­rə bilən bir dövlət məmurudur. Mən hesab edirəm ki, bi­zim digər nazirlərimiz onun iş prinsiplərindən istifadə etmə­li­dirlər. Burada dəfələrlə məsələ qaldırılır ki, telefon zənglə­rinə, göndərilən sorğulara cavab verilmir və sair. Güman edirəm, bir nəfər burada deyə bilməz ki, müraciətinə, verdiyi ərizələrə, şikayətlərə Səlim müəllim laqeyd münasibət gös­tərib. Güman edirəm ki, bu, uğurlu bir layihədir, bunu qəbul etmək olar.

Sədrlik edən. Çox sağ olun. Aqil Abbas.

A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Əvvəla, mən bir məsələyə toxunmaq istəyirəm. Məndən əvvəl Fəzail müəllim dedi, həqiqətən, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini həmişə yüksək qiymətləndirmişik. Həm biz, həm də xalq yüksək qiymətləndirib. Səlim müəllim də öz çıxışında məsələlərə ətraflı toxundu. Möhtərəm Prezidenti­mizin də verdiyi sərəncamlarla bir ildə pensiyaların bir neçə dəfə və bayaq Fəzail müəllimin dediyi kimi, elmi dərəcələrə görə verilən pulların artırılması haqqında hamımız bilirik. Bütün bunları Dövlət Sosial Müdafiə Fondu layiqincə yerinə yetirir.

Mən dünən çıxış üçün yazılmışdım, alınmadı. Bir fikrimi çatdırmaq istəyirəm. Əvvəla, büdcə ilə bağlı bütün sənədlərə səs verəcəyik. Dövlət öz çıxacağını və alacağını hesablayır və büdcəsini tutur. Haraya nə qədər pul xərcləyəcəyini mütəxəssislər fikirləşirlər. Bəzən deyilir ki, sosial məsələlərə az pul xərclənib. Amma əsaslı tikintiyə qoyulan yatırımlar, ölkədə xərclənən pulun hamısı, əslində, sosial yönümlüdür. Hərbi xərclər də çox deyil, milləti qorumaq üçün bunlar da lazımdır.

Dünən mən nəyə münasibətimi bildirmək istəyirdim? Bəzən biz hökumət üzvlərinin üstünə gedirik. İki gün davam edən iclasdakı çıxışlarda guya nazirlərin burada olmadıqları vurğulandı. Əvvəla, qanunvericilikdə və Milli Məclisin req­lamentində növbəti ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət üzvləri və müvafiq dövlət orqanlarının, Milli Məc­lisin komitələrinin və plenar iclaslarının məcburi işləri barə­də bənd mövcud deyil. Bu bir. Hamıya da məlumdur ki, növbəti illər üzrə, o cümlədən 2012-ci il büdcə layihəsinin Milli Məclisin plenar iclaslarında müzakirələri zamanı ənə­nəvi olaraq şəxsən Baş nazir, onun müavinləri, Aparatın rəh­bəri və aidiyyəti şöbələrin rəhbərləri, hökumət üzvləri, dövlət orqan­larının nümayəndələri iştirak edirlər. Baş nazir yalnız birinci plenar iclasda iştirak edir, digər iclaslara qatıl­mır, lakin yuxarıda qeyd etdiyimizə görə son iclasda iştirak edir.

Bəzi millət vəkillərinə qoşularaq mən də qeyd etmək istəyirəm ki, 2012-ci il dövlət büdcəsi layihəsinin Milli Məc­lisin komitələrinin müzakirəsində hörmətli maliyyə naziri, şəxsən Samir Şərifov iştirak edib, bütün suallara da cavab verib. Bizim komitənin iclasında da geniş məlumat verib, səsləndirilən bütün suallara indi də məntiqlə cavab verdi. Elman müəllim, Fazil müəllim və digər yoldaşlar dəqiq mə­lumatlar verdilər və biz də onları eşitdik. Hətta o da məlum­dur ki, komitələrin iclaslarında, plenar iclaslarda da iştirak edən içi mən qarışıq bəzi millət vəkillərimiz müzakirədə heç axıracan oturmur, gedib çay içirlər.

Hökumət tərəfindən Milli Məclisə qarşı müsbət münasi­bətin fonunda bəzi millət vəkillərimiz emosional olaraq hö­ku­mət üzvlərinin Milli Məclisə etimadsızlığı və hörmətsiz­liyi barədə çıxış etdilər. Mən bunu ən azından müzakirələrin gedişinə diqqətsiz yanaşma, hökumət üzvlərinə qarşı yersiz addım kimi qiymətləndirirəm.

Bir faktı hörmətli millət vəkillərinin diqqətinə çatdırıram. Son illərdə büdcə layihələrinin müzakirəsinin builki kimi fəal aparıldığının, ölkə həyatının bütün sferalarında görülən işlər və problemlər barədə, həmçinin büdcə zərfinə əlavə edi­lən sənədlər ətrafında müzakirələrin əhatəsinin genişliyi­nin şahidi olmamışdıq. Bizdə olan məlumata görə, 2011-ci ildə büdcə layihəsinin plenar iclasda müzakirələrində cəmi 40 deputat çıxış etmişdi. Bayaq, Oqtay müəllim, Siz özünüz də bunu qeyd etdiniz, amma builki büdcə layihəsinin müza­ki­rələrində 60-dan çox çıxış oldu, deputatlar öz münasibət­lərini bildirdilər. Hamınızdan xahiş edirəm ki, belə fəal və işgüzarlıqla müzakirələrdə iştirak edin. Hörmətli hökumət üzvlərinin fəaliyyətinə kölgə salmayaq və üstlərinə də bu dərəcədə getməyək. Yaddan çıxarmaq lazım deyil ki, büdcə dinləmələridir, hökumətin hesabatı deyil. Hamınıza diqqəti­ni­zə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.

İ.Ağazadə. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör­mətli hökumət üzvləri, dəyərli millət vəkilləri! Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə baxarkən gəlir hissəsinin iki mənbədən formalaşdığını aydın görürük. Biri məcburi dövlət sosial sığorta haqları və digəri dövlət büdcə­sindən ayırmalardır. Təbii ki, məcburi dövlət sosial sığorta haqlarının məbləğinə – 1 milyard 407 milyon 500 min ma­nata baxanda, hesab edirəm ki, ciddi düşünməyə ehtiyac ya­ranır. Nədən məcburi dövlət sosial sığorta haqları bu dərəcə­də aşağıdır və dövlət büdcəsindən ayırmaların miqdarı ildən-ilə artır? Bu, təbii ki, Dövlət Sosial Müdafiə Fondunun gələcək dövrlər üçün böyük kataklizmlərlə üz-üzə qalacağı və dövlət büdcəsindən bilavasitə asılı olacağı haqqında əvvəlcədən rəy formalaşdıra bilər.

Rəqəmlərə keçmək istəyirəm. Dövlət Statistika Komitəsi, o cümlədən digər strukturların, məsələn, Mərkəzi Seçki Ko­missiyasının verdiyi məlumata görə Azərbaycan Respub­li­ka­sının 5 milyon 500 min nəfərdən bir qədər artıq 18 yaşını keçmiş vətəndaşı var. Əgər nəzərə alsaq ki, onlardan 1 mil­yon 300 mini bu və ya digər şəkildə təqaüdçüdür və ya əlil­lik dərəcələrinə görə və sair xidmətlərə görə pensiya təmi­natı alır, demək, yerdə təxminən 4 milyon 200 min qalır. Məcburi dövlət sosial sığorta haqlarının ödəniş məbləği 1 milyard 407 milyon 500 min manatdır. Çox xahiş edirəm, sonra kim isə deməsin ki, hesablamalar düzgün getməyib. Orta əmək haqqına verilən ümumi qiymətlə bölgü aparsaq, verdiyiniz rəqəmlərə uyğun bölsək, təxminən 1 milyon 600 min adamın məcburi dövlət sığorta haqları ödədiyi qənaəti yaranar.

Ölkənin, bayaq qeyd etdiyim kimi, pensiya təminatı alan şəxslərin, o cümlədən xüsusi qulluqda olan insanlarla bir yerdə ümumi sayı 1 milyon 600 mindən artıq deyil. Təxmi­nən 1 milyon 600 min ödəməni də üzərinə gəlsək, 2 milyon 300 minə yaxın adamın faktik olaraq, ya işləmədiyi, ya da məcburi dövlət sosial sığorta haqları ödəmədiyi ortaya çıxar. Bu çox ciddi bir uyğunsuzluqdur, amildir. Bu rəqəmlər ölkədə, o cümlədən regionlarda yeni iş yerlərinin açılması, büdcə təşkilatlarında çalışanlar, sahibkarlıqla məşğul olanlar və sair ilə bağlı söylənilən rəqəmlərin heç biri ilə üst-üstə düşmür. Bu çox ciddi büdcə uyğunsuzluğudur və hesab edirəm ki, ilk növbədə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi formalaşdırılarkən səlahiyyətli dövlət qurumları bu məsələyə aydınlıq gətirməli idilər.

2003-cü ildən indiyə qədər hökumətin və Dövlət Statis­tika Komitəsinin söylədiyi rəqəmlərə görə 950 min iş yeri açılmışdır. Mövcud iş yerlərini nəzərə almadan belə deyir­lər­sə, deməli, ümumiyyətlə, Azərbaycanda işləməyən olma­yıb. Onların sayı 1 milyon 650 min nəfərə qədərdir. Nədən bu gün həmin rəqəmlər artdıqca Dövlət Sosial Müdafiə Fon­duna məcburi dövlət sığorta haqları ödəyən şəxslərin ümumi sayı 1 milyon 600 mindən yuxarı qalxmır. Bu çox ciddi rə­qəmdir və hesab edirəm ki, hökumət nümayəndələri bunun üzərində ciddi düşünməlidirlər. Hökumət sosial sığortaya cəlbetmənin ya dəqiq uçotunu aparmalıdır və ya bundan əvvəl söylədikləri rəqəmləri təshih etməlidir. Çünki çox cid­di uyğunsuzluq nəticə etibarilə sonda ümumi rəqəmlərə və sosial siyasətin özünə də ciddi təsir edəcək.

Dövlət büdcəsindən ayırmaların ildən-ilə artması da, Döv­­lət Sosial Müdafiə Fondunun ayrıca fond kimi fəaliyyət göstərməməsi və pulun orada az yığılması da mahiyyət eti­barilə bu sistemin bütövlükdə iflic olması qənaətini yaradır. Ona görə hesab edirəm ki, bu istiqamətdə dünya təcrübə­sin­dən yararlanmaq və məsələlərə ciddi şəkildə yanaşmaq la­zım­dır. Rəqəmlər bu gün Azərbaycan hökumətinin söylədiyi rəqəmlərin hamısı ilə ciddi şəkildə ziddiyyət təşkil edir.

Sədrlik edən. İqbal müəllim, 5 dəqiqə vaxt vermişik. Bu­yurun, 1 dəqiqə də danışın.

İ.Ağazadə. Ödəmələr hissəsinə gələndə də çox parado­k­sal məsələlər var. Məsələn, uşağın anadan olmasına görə 4 milyon manat vəsait, dəfn üçün 10 milyon manat, 3 yaşına ça­tanadək uşaqlara qulluqla əlaqədar cəmi 6 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün doğulanlar dəyərlidir, yoxsa ölənlərmi? Bu cür məsələlərdə elə əmsallar və qiymətlər müəyyən olunsun ki, uşağı tərbiyə edən də, onu dünyaya gətirən də razı qalsın. Bütün bunlar nəticə etibarilə gələcək nəsillərin qorunmasına xidmət etməlidir.

Mən bütövlükdə hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi Azərbaycanın bugünkü reallıqlarını və bazar qiymətlərini, o cümlədən əhalinin pensiya təminatını və yaşayış minimumunu ödəyəcək səviyyədə deyil. Höku­mət gələcək addımlarda buna çox ciddi diqqət ayırmalıdır və xüsusi siyasətin formalaşdırılmasını ciddi şəkildə, konsep­siya şəklində işləməlidir. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.

V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mət­li millət vəkilləri! Azərbaycanda pensiya islahatları təx­minən 2006-cı ildən başlayıb və gedir. Bunun müəyyən müs­­bət nəticələri artıq 2011–2012-ci illərin əvvəllərində gö­rünür. Amma problem məsələlər də var ki, bu məsələlər ətrafında mübahisə etmək olar. Birinci, verdiyiniz rəqəm­lərdə 2012-ci ildə əmək pensiyalarının baza hissəsi eyni səviyyədə saxlanılır. Yəni 2011-ci ildə təxminən 1 milyard 300 milyon olub, 2012-ci ildə də 1 milyard 300 milyon nəzərdə tutulub. Amma bilirsiniz ki, 100 minlərlə insan pensiyasının yalnız baza hissəsini alır. Yəni onların sığorta hissəsi yoxdur, işləmir və sair. Bu niyə nəzərdə tutulmayıb, nə ilə əlaqədardır? Biz pensiya islahatlarına başlayanda deyirdik ki, pensiyanın sığorta hissəsinin əmələ gəlməsi təxminən 4–5 ildən sonra özünü göstərəcək. Bu çox ciddi məsələdir. Mən istərdim, Səlim müəllim buna aydınlıq gətirsin ki, həmin insanların pensiyalarının sığorta hissəsi eyni səviyyədə saxlanılacaq? Bu nə ilə əlaqədardır?

İkinci, normal pensiyanın verilməsi, bu məbləğlərin ödə­nilməsi üçün indi dövlət büdcəsindən təxminən 300 milyon manat transfer edilir. Digər tərəfdən, pensiyanın sığorta hissəsində artımlar var. Keçən il təxminən 530 milyon manat idisə, bu il 1 milyard manat nəzərdə tutulur. Təxminən 500 milyon manat əlavə vəsait daxil edilir. Əgər əlavə vəsait daxil edilirsə, pensiyanın da sığorta hissəsi artmalıdır. Kim sığorta edirsə, o, pensiyanı alır. İslahatlara bu qədər əlavə vəsait xərcləməyə ehtiyac varmı? Bu islahatları etmək üçün 300 milyon manat əlavə vəsait xərclənir. Buna aydınlıq gətirilməsini istəyirəm.

Biz həmişə burada sanatoriya-kurort müalicəsi ilə əlaqə­dar məsələyə toxunmuşuq. Məsələ qaldırmışıq ki, buna tələbat həddindən artıq çoxdur. Builki dövlət büdcəsində, düzdür, keçənilkindən əlavə 5 milyon manat vəsait nəzərdə tutulub. Amma yaxşı olardı ki, Səlim müəllim, bu maddəyə bir də baxasınız, çünki tələbat həddən artıq çoxdur.

Borcların qalıq vəsaiti ilə əlaqədar məsələni də bilmək istərdim. Ümumiyyətlə, 2011-ci ilin yekunlarına görə Dövlət Sosial Müdafiə Fondunda qalıq qalır, ya yox? Bu vəsaitin məbləği nə qədərdir? Biz bunu da bilmək istəyirik. Belə bir maddəni biz hər il təsdiq edirik. Amma nə qədər qalıq vəsaitin qalmasını bilmirik.

Ümumiyyətlə, respublikada aparılan pensiya islahatları­nın əsas məqsədi ondan ibarətdir ki, insanların pensiya haq­ları artırılsın. Yenə deyirəm, apardığımız islahatlar 5 ildən son­ra özünü göstərəcək. Yəni müəyyən məbləğlər artırı­la­caq, insanlar artıq sığorta hissəsindən əlavə məbləğlər də əl­də edəcəklər. Amma pensiyalarının sığorta hissəsi ümumiy­yətlə olmayan insanlar barədə fikirləşməyin vaxtıdır. Həmin insanların həyat şəraiti o qədər də yaxşı deyil. Bayaq burada biz yaşayış minimumunu, ehtiyac meyarını təsdiq edəndə bu məsələlərə toxunuldu. Ona görə də xahiş edirəm ki, bu məsələlərə aydınlıq gətirilsin. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.

Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət və­killəri! Mən də ilk öncə Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinə dəstək verəcəyimi vurğulayıram. Hörmətli Səlim müəllimin iclasda iştirakını nəzərə alaraq bir çox mə­sələlərə də toxunmaq istəyirdim. Bu məsələlərə geniş aydı­n­lıq gətirilməsinə, məncə, ehtiyac var. Keçənilki müzakirə­lər­də də bəzi həmkarlarımız bu məsələlərin Səlim müəllimə aidiyyəti olmadığını deyirdilər. Amma bu məsələlərin Səlim müəllimə çox geniş ölçüdə aidiyyəti var. Söhbət bankomat­lar problemindən gedir. Məhz bankomatlarla bağlı tender elan edən qurum fonddur. Bankların qarşısında şərtləri də irəli sürən fonddur. Keçən il, mənim yadımdadır, mən bu məsələni qaldıran zaman hörmətli Səlim müəllim vurğuladı ki, növbəti tender zamanı bankçılar qarşısında bu bölgələrdə, regionlarda bankomatların artırılması, sürətlə genişləndiril­məsi məsələsi qaldırılacaq.

Mən keçən il hörmətli Səlim müəllimə müraciət etdim. Mən bir daha vurğulayıram və çox təşəkkür edirəm ki, Səlim müəllim bu məsələdə çox kömək edib. Amma onun dəstəyi ilə böyük bir rayona, sadəcə, 1 bankomat qoydura bildik. Ye­­nə deyirəm, bu da Səlim müəllimin məsələyə müdaxilə­sin­dən sonra mümkün oldu. Yəni regionlarda bu problem, doğrudan da, ciddi şəkildə qalır. Böyük kəndlərdə, həmin kəndləri birləşdirən bölgələrdə bankomat belə yoxdur. Bə­zən belə bölgələrin 50 mindən artıq əhalisi olur. İnsanlar uzun məsafələr qət edirlər ki, öz pensiyalarını, vəsaitlərini alsınlar. Amma təbii ki, bankomat məsələsinə mən fondun problemi kimi baxmıram. Çünki Azərbaycanda 5 milyon kart var, onun cəmi 1 milyon 250 mini pensiyaçılara aiddir.

Ümumiyyətlə, bankomatlar bizim ölkəmizdə ciddi prob­lem­dir. Digər qurumların da bu məsələ ilə daha çox məşğul olmalarına ehtiyac var. Amma bunun bir tərəfi də 1 milyon 250 min insana xidmət edən sahə olaraq fondun üzərinə düşdüyü üçün mən bu məsələni deyirəm. Bildiyimə görə, Səlim müəllim, yenidən tender elan olunacaq. Tenderdə işti­rak edən banklar şərtləri yerinə yetirmirlərsə, həmin bank­lara icazə verilməsin. Bunlar tenderi udurlar, amma tenderi udduqdan sonra üzərlərinə düşən vəzifələri yerinə yetirmir­lərsə, onları bu proseslərdən kənarda saxlamaq lazımdır. Da­ha çox banklar buraya cəlb etmək vacibdir. Bu prosesi Siz məndən daha yaxşı bilirsiniz. Bəlkə Siz dəstək versəniz, bu məsələlər öz həllini tapar. Bəzən bir kənddə bir bankomat olur, amma başqa bir bölgədə digər bir bankomat var. Bir insan gedib pensiyasını digər bankdan alanda faiz ödəmək məcburiyyətində qalır, o, faiz ödəyə bilmir. Bəlkə bu bank­lar arasında rabitə yaradılsın ki, pensiyaçılar öz pensiyalarını faizsiz əldə edə bilsinlər. Ən azı iki bank arasında proses getsə, pensiyaçıların problemi də yüngülləşər. Mənim bildi­yimə görə fond bunun əleyhinə deyil. O zaman banklar bu problemi həll edərlər. Bu şərtin tenderdə öz əksini tapması yaxşı olar. İnsanların da bu problemi həll olunar.

İkinci bir problem haqqında Sizinlə danışanda demişdiniz ki, yenidən bu məsələyə baxılacaq. Problem nədən ibarətdir? Pensiyaçı pensiyasını almaq üçün uzaq kənddən rayon mərkəzinə gəlir. Məlum olur ki, pul yoxdur. Elə olur, 2–3 dəfə gəlir. Siz demişdiniz, bu şəxslərə SMS-lər vasitəsilə bildiriləcək ki, pulunuz köçürüldü. İndi mobil telefon rabi­təsi daha da genişlənib. Evdə bir mobil telefon varsa, həmin mobil telefona SMS göndərilsin. Bu insanlar uzaq məsafəyə getməsinlər. Bölgələrdə bu problem ciddidir. Bakıda o qədər ciddi deyil. Amma kənd rayonlarında insan dağ kəndindən 50 kilometr yolu 3–4 dəfə gəlir ki, pensiyasını alsın. Mən çox xahiş edirəm, şəxsən biz də sizə dəstək olacağıq. Bilirik ki, növbəti tender gələn il elan olunacaq. Həmin şərtlər bu tenderdə öz əksini tapsın ki, insanların belə problemləri həll olunsun. Həm bankomatların artırılması, həm də insanların öz pensiyalarını, vəsaitlərini daha asanlıqla almaları məsələ­si həllini tapsın.

Sonda demək istəyirəm ki, 5 milyon kart var, amma pos­ter­minallar çalışmırlar. Biz bu məsələyə də diqqət yetir­mə­liyik, posterminallar artırılmasa, çox ciddi problemlər yara­nacaq.

Sədrlik edən. Sağ olun. İlham Məmmədov buyursun.

İ. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri! Əlbəttə, ölkəmizin sosial siyasətinin əsası olan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ilin büdcəsinə nəzər salanda görürük ki, möhtərəm Prezidenti­miz cənab İlham Əliyevin prioritet hesab etdiyi və hər dəfə bölgələrdə insanlarla görüşündə onu qayğılandıran və daim ən çox fikir verdiyi məsələ pensiyaçıların pensiyalarının artırılmasıdır. Yeni iş yerlərinin açılması, əmək haqlarının artırılması ölkəmizin sosial siyasətinin ən əsas, prioritet sahələridir. Ölkə rəhbəri möhtərəm cənab Prezidentin diqqət və qayğısı ilə Dövlət Sosial Müdafiə Fondu, hesab edirəm ki, nəinki MDB məkanında, elə regionda da ən yüksək sə­viyyəyə qalxmış Dövlət Sosial Müdafiə Fondudur. Hörmətli Səlim müəllimin bugünkü təqdimatında real imkanlara söykənən artım tempini Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsində də gördük. Hər il olduğu kimi, bunu bütün millət vəkilləri də qeyd etdilər, Səlim müəllimin çox ətraflı, peşəkarlıqla təqdim etdiyi təqdimatda bütün suallara cavab verildi.

Hörmətli Oqtay müəllim, Sizin də qeyd etdiyiniz kimi, ko­mitələrdə ən azından 2–3 saat gedən müzakirələrdə biz, mil­lət vəkilləri lazım olan məsələləri qaldırmışıq, sualları­mıza cavab almışıq, təkliflərimizi vermişik. Hesab edirəm ki, bunların bir çoxunun bugünkü təqdimatda, Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsində əksini tapdığının şahidi oluruq. Hesab edirəm ki, parlament və hökumət mü­nasibətləri yüksək səviyyədə qurulubdur və qaldırdığımız tək­liflər öz əksini tapır.

Fürsətdən istifadə edərək, hörmətli Oqtay müəllim, bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Dünənki büdcə müzakirəsində bunları demək imkanım olmadı. Bizim parla­mentdə qaldırdığımız məsələlər həmişə hökumətin diqqətin­də olmuşdur. Məsələn, şəkərli diabet ilə bağlı müəyyən və­sait istəmişdik. Bu müraciətimizdən sonra hörmətli Samir müəllim istədiyimiz 4 milyon vəsaitdən əlavə, Səhiyyə Na­zirliyinə 7 milyon vəsait ayırdı. Bu vəsait şəkərli diabeti olan xəstələrin dərmanlarla təmin olunmaları üçün rayon­ların səhiyyə müəssisələrinə köçürülmüşdür. Bunun üçün biz öz minnətdarlığımızı bildiririk.

Mənim, hörmətli Səlim müəllim, bir xahişim olacaqdır. Biz qeyd etdik ki, pensiyaçıların sağlamlıqlarının qorunması da vacib şərtlərdən biridir. Biz çox minnətdarıq ki, builki büdcədə sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün kifa­yət qədər vəsait ayrılıb. Ancaq sığorta olunanların uşaq­la­rının sağlamlıqlarının, düşərgələrdə istirahətlərinin təşkil olunması üçün 150 min manat, hesab edirəm, bir qədər az­dır. Əgər imkan varsa, bu vəsaitin artırılmasına yenə bax­maq olardı. Sosial siyasətimizin əsas nəticəsi nədir? Biz he­sab edirik ki, nəticə ilə yox, onun səbəbi ilə mübarizə apar­maq lazımdır. İnanın ki, pensiyaçıların ildə bir dəfə sanato­riya-kurort müalicəsinə getmələri onların sağlamlığına çox müsbət təsir edir. Bu, profilaktik tədbir kimi qiymətlən­di­rilir. Bu gün inflyasiya fonunda, inflyasiya risklərinin art­dığı, ölkədə pensiya islahatlarının yüksək səviyyədə apa­rıldığı bir vaxtda, bəlkə də belə bir tədbir yerinə düşməzdi, amma mən hesab edirəm ki, imkanlar tapılsa, pensiyaçıların sağlamlıqlarına xidmət edən sanatoriya-kurort müalicəsi üçün vəsaitin ayrılması çox yaxşı olardı. Belə hesab edirəm ki, bu, eyni zamanda, turizmin inkişafına da təkan vermiş olardı. Mən hesab edirəm ki, bizim bu təklifimiz nəzərə alınacaqdır.

Hesab edirəm ki, millət vəkilləri Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcə layihəsinə səs verəcəklər. Əvvəl­cədən də Səlim müəllimə minnətdarlığımızı bildiririk ki, belə ətraflı və geniş təqdimat etdi. Əlbəttə, bunlar ölkə rəh­bərinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlərdir. Mənə elə gəlir ki, burada geniş məlumat verilib və çıxışları da dayandırmaq olar. Çünki edilən təkliflərin hamısı öz ək­sini tapıb. Diqqətinizə görə minnətdaram.

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun. Zahid Oruc.

Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hör­mətli həmkarlar, hörmətli hökumət nümayəndələri! Mən də hesab edirəm ki, hörmətli Səlim müəllimin sənədləri kifayət qədər peşəkarlıqla təqdim etməsi parlament üzvləri üçün bir aydınlıq yaradır və ölkədə dövlətin yeritdiyi sosial siyasəti qiymətləndirmək üçün daha böyük imkanlar verir. Bu məna­da fikirlərimi daha konkret, yığcam söyləmək istəyirəm.

Birinci, yazılmağımın ən başlıca səbəbi Xocalı soyqırımı ilə bağlı bir məqamı gündəmə gətirməkdir. Yeri gəlmişkən deyim ki, mən bu məsələ ilə bağlı xüsusi bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim etmişəm. Əlverişli bir za­man çərçivəsində bu sənədin digər təkliflər əsasında qəbulu da mümkün ola bilər. Amma düşünürəm ki, Azərbaycan Qa­rabağ müharibəsində şəhid olanların ailələrinə müxtəlif ödə­mələri həyata keçirir. Xocalı soyqırımında şəhid olanların ailələrinə ödəmələri ayrı sətirlə, bəndlə, adla etməyimizə həm siyasi baxımdan, həm də onları fərqləndirmək məna­sında ehtiyac var. Amma mən məsələnin sırf maliyyə kon­tekstində yox, dövlətin bu məsələyə həssaslığını qabartmaq, yaşanan faciənin miqyasını dəyərləndirmək, həmin insan­la­rın fərqli olduqlarını göstərmək mənasında müavinətlərin soyqırımı qurbanlarının adı ilə adlandırılmasını təklif edirəm.

İkinci, əslində, müzakirələr zamanı bu özünü müxalif möv­qedə olanların fikirlərində göstərirdi. Sanki Azərbay­canda “pensiya kultu” deyilən bir anlayış var. Mən bunu ötən dəfə də demişdim. Bəlkə də bu yaxşıdır. 20–30 yaşında hamı 60–70-ni düşünür. Bu çox yaxşı haldır bəlkə də. Ancaq biz işimizi dövlətin sosial-iqtisadi sahədə ciddi addımlar atması, yeni iş yerlərinin yaradılması, daha yüksək əmək haqqı məsələləri üzərində qurmalıyıq, nəinki pensiyanın artırılması. Çünki indiki pensiya fəlsəfəsi insanların özləri­nin yığım funksiyasını nə qədər dürüst, düzgün həyata keçir­mələri ilə bağlıdır. Yəni biz dövlətdən iş yerlərində daha yaxşı təminatlar istəməliyik ki, 60 yaşında dediyimiz artım­lar özlüyündə baş versin.

Üçüncü, burada yeni iş yerlərinin yaradılması məsələsinə müəyyən şübhələr ifadə edildi. Düşünürəm, həmin müqavi­lələrin bağlanmasında problemlər, bunların gizlədilməsi və sair məsələlər həll olunsa, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kifayət qədər fərqli bir rəqəmlə ortada olardı.

Nəhayət, sonuncu bir müddəanı vurğulamaqla çıxışımı başa vurmaq istəyirəm. Dünən hörmətli Elman müəllim çıxı­şında vurğuladı ki, 2012-ci ildə, ümumiyyətlə, dünya­dakı qlobal iqtisadi böhran fonunda yeni dalğa gözlənilir. Bu da müxtəlif sosial, müdafiə olunan xərc maddəsindəki ödəmə­ləri təhlükə qarşısında qoya bilər. Ona görə də təkliflər oldu ki, bu fondun yığım funksiyası çox güclü həyata keçirilsin, gələcək dövr üçün iqtisadiyyatda təhlükəsizlik yastığı kimi müəyyən bir rezervlər formalaşdırılsın. Bu, Dövlət Sosial Müdafiə Fon­dunda toplanan vəsaitlərin idarə olunması, on­la­rın yeni gəlir­lər gətirməsi ilə əldə olunur. Mən çox arzu­layıram, hörmətli Səlim müəllim, bu məsələyə də münasibət bildirilsin. Parla­ment və ya dövlət nələr edə bilər ki, gələ­cək­də vətəndaşların sosial ödəmələri heç bir beynəlxalq iqtisadi proseslərdən, regional məsələlərdən asılı olmasın? Bütövlükdə mən bu məbləği gələcək dövr üçün Azərbaycan xalqının maraqlarına uyğun sayıram və ona səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Büdcəni təhlil edərkən 2012-ci ildə sosial yönümlü tədbirlərin davam etdirilməsinin nəzərdə tutuldu­ğunun şahidi oluruq. Bu məqsədlə gələn il üçün dövlət büd­cə­sində 1 milyard dollardan çox vəsait nəzərdə tutulmuşdur. Biz Dövlət Sosial Müdafiə Fondunun hesabatını dinlədik və cənab Səlim Müslümov gələcək perspektivlər və görüləcək işlər barədə bizə aydın məlumat verdi. Qeyd etmək istəyirəm ki, bu qurum yeni və çox mütərəqqi üsullarla işləyir və qısa zaman ərzində fəaliyyətini tam şəkildə elektronlaşdırmağa nail olub. Bunun nəticəsidir ki, fondun çoxmilyonlu arxiv bazası ən mükəmməl şəkildə formalaşdırılır.

Keçən il başlayan pensiya islahatları operativ şəkildə hə­yata keçirildi, bu prosesin birinci mərhələsi bir ay yarım içində uğurla yekunlaşdırıldı. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu genişmiqyaslı islahatları biz çox yüksək qiymətləndiririk və çoxsaylı seçicilərim adından xüsusilə cənab Prezidentə buna görə öz dərin təşəkkürümüzü bildiririk. Bununla belə, bir məsələni dəqiqləşdirmək istəyi­rəm. Belə ki, qanunvericiliyimizə əsasən əmək pensiyaları­nın baza hissəsi ildə bir dəfədən az olmayaraq qaldırılmalı­dır. İki ilə yaxın müddət ərzində bizdə baza hissəsi ilə bağlı heç bir irəliləyiş, artım yoxdur. Başa düşürəm ki, pensiya islahatı aparılır və külli miqdarda vəsait sərf olunur. Lakin mən bununla əlaqədar Hadi Rəcəblinin təklifini çox bəyəni­rəm. Öz növbəmdə xahiş edirəm ki, gələn ilin büdcəsində baza his­səsinin artırılması məqsədi ilə müəyyən vəsait ay­rılsın.

Bir təklif də vermək istərdim. Bu da 75–80 yaş həddini aşan insanlara dərmanların dövlət tərəfindən pulsuz verilmə­sidir. Belə təcrübə çoxdandır ki, bir sıra inkişaf etmiş dövlət­lərdə mövcuddur. Rusiya və digər postsovet respubli­ka­ları­nın çoxunda isə ahıl insanlara bu məqsədlə dövlət tərəfindən müəyyən məbləğlər ayrılır. Xahiş edirəm, biz bu barədə fikirləşək, düşünək.

Bir məsələni burada Qənirə xanım qaldırdı, məni də bu məsələ çox narahat edir. Birbaşa Səlim Müslümova aidiyyəti olmasa da, mən xahiş edərdim ki, hökumət nümayəndələri bu barədə ciddi düşünsünlər. İnsanların əmək haqlarını və pensiyalarını daha rahat əldə etmələri üçün şərait yaratmaq­dan ötrü dövlət kart sistemini tətbiq etdi. Bankomatla əmək haqqı, pensiya verilməsi genişləndi. Statistik məlumatlara görə, Azərbaycanın kənd və rayonlarında təqaüdçülərin 98,9 faizi, Bakıda isə 100 faizi bankomatlardan istifadə edirlər. İndi isə bankomatlarla bağlı çox böyük problemlər ortaya çıxır. Əvvəla, Beynəlxalq Bankın bankomatları həddən artıq azdır. Əmək haqqı və pensiyalar verilərkən bankomatların qarşısında əcaib və xoşagəlməz mənzərə yaranır. Böyük növ­bələr meydana çıxır. Nəzərə almaq lazımdır ki, növbələr­də dayanan insanların əksəriyyəti bir neçə marşrut dəyişir, uzaq kəndlərdən rayon mərkəzlərinə gəlir. Bu barədə artıq Qənirə xanım danışdı. Yaxşı, bu hal, axı, insanlarda nara­zı­lıq yaradır. Çox təəssüf edirəm ki, insanlar haqlı və ya haq­sız bu işdə hökuməti günahlandırırlar. Halbuki bu işi həll etmək bankların öhdəsində olan məsələdir.

Digər məsələ budur ki, Beynəlxalq Bankın bankomatları az olduğu üçün əhali digər bankların xidmətlərindən istifadə etməyə məcbur olur. Belə olan halda onların kartlarından 5–6 manat pul silinir. Camaat əvvəl mehriban poçtalyona verdiyi pulu indi bankomatlara, yəni dolayı yolla banklara vermək­dədir. Bankomatların sayı ilə problemin olması azmış kimi, bir çox hallarda hətta bankomatlarda heç pul da tapmaq olmur. Mən artıq dərəcədə xahiş və tələb edirəm ki, Beynəlxalq Bank və əmək haqları ödəyən digər banklar öz bankomatlarının sayını artırsınlar. Bankomatlarda pul olub-olmaması isə hər gün bir neçə dəfə yoxlanılsın. İnanın ki, bu, ciddi məsələdir. Hər ay eyni hal yaşanır və böyük ictimai etiraza səbəb olur.

Yeri gəlmişkən, mən cənab Səlim Müslümova bu cür mə­sələlərlə bağlı dəfələrlə müraciət etmişəm və o, həmişə mə­nim müraciətlərimə xüsusi diqqətlə yanaşır, əməli işlər gö­rür. Buna görə mən ona xüsusi minnətdarlığımı bildirmək istəyirəm və yenə də xahiş edirəm ki, qeyd etdiyim məsələ­ləri müvafiq instansiyalara çatdırasınız. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Siyavuş Novruzov, buyurun.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, doğrudan da, Səlim müəllimin çoxşa­xəli, əhatəli təqdimatında, demək olar ki, bütün sahələr əhatə edildi. Mən bir neçə məsələyə münasibətimi bildirəcəyəm. Qeyd etməliyəm ki, bu gün ən ağrılı sahə olan sosial sahədə Səlim müəllimin rəhbərliyi altında çox uğurla islahatlar həyata keçirilir. Ən çətin kateqoriyadan olan insanların, de­mək olar ki, hamısının təminatının ödənilməsi, onların bu və ya digər şəkildə pensiyalarının artırılması məsələsi çox uğurla həyata keçirilir. Azərbaycan, deyərdim ki, bu sahədə nəinki postsovet ölkələrindən, digər ölkələrdən də qabaqda gedən bir ölkədir. Ümumiyyətlə, bununla bağlı mən bir neçə məsələyə toxunmaq istəyirəm.

Birinci, Səlim müəllimin, mümkünsə, bu məsələ ilə bağlı fikrini bilmək istərdim. Hərbi hissələrdən və daxili işlər orqanlarından başqa, qalan sahələrdə çalışan kişilər üçün 63 yaş pensiya yaşı müəyyən olunub. Hərdən seçicilərimiz bizə sual verirlər ki, mən fəhlə işləyirəm, ağır sahədə çalışıram, kubik qaldırıram və yaxud palçıq qatışdırıram. 63 yaşında mən bunu həyata keçirə bilərəmmi? Bu sahədə də, əsasən, özəl şirkətlər fəaliyyət göstərirlər. Özəl şirkət də yaşı 50-ni keçibsə, həmin kişini, ümumiyyətlə, işə götürmür. Keçmişdə belə bir sistem var idi. 25 il ardıcıl işlədikdən sonra həmin insanın pensiyaya çıxmaq hüququ mövcud idi. Ağır sahədə çalışan insan 63 yaşına qədər orada dözə və işləyə bilməz. Necə etmək olar ki, bu məsələ öz həllini tapsın?

İkinci, burada pensiya ayırmaları ilə əlaqədar bir çox fi­kir­lər söylənildi. Bu gün tikinti sektorunda, o cümlədən icti­mai iaşədə, digər ticarət sahələrində ödəmələr çox aşağı səviyyədədir. Bu da əmək müqavilələri ilə bağlı bir mə­sələ­dir. Bu da dövləti aldatmaqdır. Vergidən yayınırlar, həmçi­nin Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmürlər, həm də vətəndaşın özünü pis vəziyyətdə qoyurlar. Gələcəkdə onu pensiya almaq imkanlarından məhrum edirlər. Müəyyən ya­şa çatdırda, pensiya təyin olunduqda ortaya çıxır ki, heç bir ayırmalar ödənilməyib. Bu cür sahələrə ciddi nəzarət olun­malıdır ki, həmin sahələrdə çalışan insanlar... Bir şadlıq evində 300 adam işləyir, amma yoxlayanda görürsən ki, on­lardan pensiya fonduna 10 nəfərin ayırması köçürülmür. Ba­yaq həmkarımız İqbal Ağazadənin qaldırdığı məsələlər bu cür uyğunsuzluqlardan yaranır.

Bir fikri də səsləndirmək istəyirəm. Bankomatlara, təbii, ehtiyac var. Amma biz onu da deməliyik ki, bankomatlar çıxandan sonra nə qədər neqativ halların qarşısı alınıb. Düz­dür, bankomatlar çatışmır. Amma bununla yanaşı, pensiya­çılar sərbəst şəkildə vəsaitlərini alırlar. Bir fikir də var ki, insanların bankomata etibarı yoxdur. Mən hərdən həmkar­la­rımızdan da görürəm ki, elə əmək haqqı gələn kimi hamısını çıxarırlar. Bunun lazım olan miqdarını götürə bilərsən, qala­nı bankomatda mühafizə olunur. Əmək haqqı günü banko­matlarda pul çatışmazlığının səbəbi də budur. Mən məsələni araşdırmışam. İnsan var, pulu sandıqda saxlamağı banko­matdan daha etibarlı hesab edir. Bu baxımdan da bütün pullarını çıxarır. Belə olduqda isə hamıya pul çatışmır və qarşılıqlı şəkildə həyata keçmir.

Bir təklifim də var. Avropada sosial yığımlar var ki, in­sanlar öz pensiyalarından ayırırlar, yığırlar, qocalanda gö­türüb xərcləyirlər. Bizdə bir psixologiya var. İnsanlar sosia­list qaydası ilə işləyirlər, pensiyaya çıxanda kapitalist qayda­sında pensiya almaq istəyirlər. Bu da mümkün deyil. Çünki insan öz yatırımını gələcək xəstəliyinə, qocalığına deyil, övladlarına qoyur. Övlad da böyüyəndə gərək onu saxlasın. Amma Avropada tamamilə başqa cürdür. İnsan pulunu yığır, qocalanda, pensiyaya çıxanda öz pensiyasını götürür və dün­ya səyahətinə çıxır. Bu düşüncə tərzini yavaş-yavaş biz də dəyişməliyik. Azərbaycanda da yığım sisteminə keçilməlidir ki, hər kəs əmək haqqından gələcək pensiyasının alınması üçün istədiyi qədər vəsait ayırsın. Təşəkkür edirəm. Qanun layihəsinə səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Musa Qasımlı.

M. Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət və­killəri! Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə səs verə­cəyəm. Fondun sədri hörmətli Səlim Müslümovun mü­kəm­məl təqdimatı suallara yer qoymadı. Hesab edirəm ki, fondun büdcəsində diqqəti cəlb edən və eyni zamanda, icti­maiyyə­timizə, xalqımıza çatdırılası çoxlu məqamlar var. Onlardan da biri işsizliyə görə ayrılan müavinətlərin əvvəlki illə müqa­yisədə azaldılmasıdır. Bu azalma, heç şübhəsiz, ölkəmizdəki müsbət meyillərdən doğur, yeni iş yerlərinin açılması, insan­larımızın işlə təmin olunmasını aydın şəkildə göstərir.

İkinci, uşağın anadan olmasına görə ayrılan müavinətin artırılması da müsbət inkişaf meylindən xəbər verir. Əgər 2009-cu ildə artım 3 faiz idisə, 2012-ci ildə 5,6 faiz artı­rılması ölkəmizdə demoqrafik inkişafdan xəbər verir. Demo­qrafik vəziyyət ölkənin, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biridir, bu da, eyni zamanda, əhalinin sosial-iqtisadi vəziyyəti ilə bağlı olan amillərə dəlalət edir.

Fondun fəaliyyətini müzakirə etmirik. Hesab edirəm ki, fondun Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə fəa­liy­yəti, pensiyaçıların istirahət, sanatoriya-kurort təminatının yerinə yetirilməsi müsbət qiymətləndirilməlidir və bir örnək­dir. Fondun fəaliyyətində mən maarifçiliyin geniş olmasını müsbət qiymətləndirirəm. Dəfələrlə şahid olmuşam ki, Sə­lim müəllim öz tədbirlərini yerlərdə birbaşa pensiyaçılarla keçirir. Bu çox müsbət bir haldır. Aparılan siyasətin onlara izah edilməsi, birbaşa ünsiyyət qurulması, mənə elə gəlir, bizim digər qurumlarımız üçün də bir modeldir, mən bunu Sumqa­yıtdakı pensiyaçılarla münasibətdə də söyləyə bilərəm.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

M.Qasımlı. Amma, hörmətli cənab Sədr, mən dünən söy­lədiyim bir fikri diqqətə çatdırmaq istəyirəm. Heç kəs üçün sirr deyil ki, ölkəmizdə pensiya sahəsində aparılan islahatlar ümumi islahatların tərkib hissəsi kimi uğurludur. Bu, digər ölkələrlə müqayisədə bizim inkişafımızı göstərir. Ancaq bankomatlar məsələsi bir problem olaraq qalır. Pen­siyalar vaxtında oturdulur, amma qoca, əlil insanlar bir yer­dən digər yerə hərəkət edə bilmirlər. Mən bir daha söyləmək istəyirəm ki, Beynəlxalq Bankın rəhbərliyinə mən dəfələrlə müraciət etmişəm, çox sadə bir işdir, amma onu yerinə yetirə bilmir. Məndən əvvəl danışan həmkarlarımızla tama­milə şərikəm ki, insanlar bəzən bunun günahlarını hökumət­də axtarırlar. Fikrimcə, ayrı-ayrı qurumlar öz fəaliyyətləri və fəaliyyətsizlikləri ilə heç vaxt insanlarda, xüsusən pensiya­çılarda narazılıq yaratmamalıdırlar. Ona görə də mən bu bankomat məsələsini bir daha qaldırıram. Hörmətli cənab Sədr, Oqtay müəllim, Sizdən xahiş edirəm ki, bu məsələnin həllinə yardım edəsiniz, ümumi işimizə ziyan gəlməsin. Mən bu büdcəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. İcazə versəniz, biz indi Səlim müəllimə söz verərik. Mən bilirəm, deputatlar Səlim müəlli­mi çox istəyirlər. Suallara cavab vermək üçün, xahiş edirəm, buyurun, Səlim Müslümov.

S.Müslümov. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Mən, əvvəla, bütün millət vəkillərinə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinin müzakirəsindəki çıxışlarına və verdikləri təkliflərə görə təşəkkürümü bildiri­rəm. Müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm.

İlk öncə burada Fərəc Quliyevin gözdən əlillərin təqaüd­ləri barədə verdiyi suala toxunmaq istəyirəm. Bildirmək istəyirəm ki, bu gün “Əmək pensiyaları haqqında” Qanunda birinci qrup gözdən əlil pensiyaçıların pensiyalarının baza hissəsinin ikiqat verilməsi nəzərdə tutulur. Buna görə də iki gözdən məhrum əlilin pensiyasının məbləği heç bir halda 170 manatdan aşağı olmamalıdır. Ən azından 172 manatdır. Hətta bir il stajı olan birinci qrup gözdən əlilin pensiyası təqribən 172 manat təşkil edir. Ona görə də, yəqin ki, Fərəc müəllim müavinət alanları nəzərdə tutur. Mən elə düşünü­rəm ki, müavinət məsələlərinə xüsusi diqqət ayrılacaq və növbəti ilin dövlət büdcəsindən müavinətlərin ayrılması üçün nəzərdə tutulan vəsaitlər çərçivəsində buna baxıla bilər. Amma bir daha qeyd edirəm, birinci qrup gözdən əlil olan şəxsin pensiyası ən azı 172 manatdır. Bundan aşağı yoxdur.

Sonra Vahid müəllim bir sıra məsələlər qaldırdı. Mən transferin artırılması ilə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Hörmətli Vahid müəllim, 2010-cu ildə transferin məbləği 886 milyon manat müəyyən edilmişdi. Növbəti il üçün 1 milyard 44 milyon manat nəzərdə tutulurdu. Bu ar­tım, mən çıxışımda da qeyd etdim, 2011-ci ilin 1 iyul tari­xində həyata keçirilmiş pensiya islahatları ilə əlaqədardır. Bildiyiniz kimi, bizdə pensiyaçıların təqribən 430 min nəfəri 1998-ci il yanvarın 1-nə qədər pensiyaya çıxmış şəxslərdir ki, onlar zamanında Dövlət Sosial Müdafiə Fonduna hər hansı bir sığorta ödəmələri etməyiblər. Amma təbii ki, on­ların pensiyaları verilməlidir. Ona görə onların pensiyala­rının verilməsi üçün bir ildə lazım olan 859 milyon manat vəsait tamamilə dövlət büdcəsi vasitəsilə Dövlət Sosial Mü­dafiə Fonduna verilməlidir. Çünki bu vəsaiti digər şəxslərin ödədikləri sosial sığorta haqları hesabına maliyyələşdirə bilmərik.

İkinci bir tərəfdən yerdə qalan hissə, yəni 185 milyon manat nə üçün nəzərdə tutulub? Bildiyiniz kimi, qanunun 20-ci maddəsi ilə hərbi qulluqçulara, dövlət qulluqçularına, prokurorluq işçilərinə, millət vəkillərinə və bu kateqoriyadan olan pensiyaçılara qulluq stajına görə əlavələr verilir. Onla­rın pensiyalarının məbləği 15 illik staja görə əmək haqları­nın 80 faizinə çatdırılır. Təbiidir ki, qulluq stajına görə veri­lən əlavə üçün hər hansı bir sosial sığorta haqqı ödənmə­di­yindən bu məbləğin də dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfer edilməsi vacibdir. Digər ölkələrin də təcrübəsində bu şəkildə maliyyələşdirilir. Ona görə də bunlar toplanaraq 1 milyard 44 milyon manat çərçivəsində nəzərdə tutulur. Əvvəlki illərdə də bizim həmin islahatı həyata keçirməməyimizin əsas səbəblərindən biri bu qədər böyük vəsaitin tələb olunması idi. Mən sizə və digər millət vəkillərimizə də təşəkkürümü bildirirəm ki, zaman-zaman bu məsələni diqqətdə saxladınız. Bu məsələ artıq öz həllini tapdı və hazırda pensiya sistemində fərqli qayda ilə pensiya alan yoxdur. Bütün şəxslərin pensiyaları vahid prinsiplə, vahid qayda ilə hesablanmışdır.

Eyni zamanda, burada pensiyanın baza hissəsinin artırıl­ma­­ması ilə bağlı məsələlər qaldırıldı. Mən buna aydınlıq gətir­mək istəyirəm. Hörmətli Vahid müəllim, məsələ bunda­dır ki, artıq sonuncu islahatdan sonra bizim sığorta-pensiya sistemində sığorta hissəsi olmayan pensiyaçı qalmadı. Bütün pensiyaçıların pensiyalarının müəyyən qədər, ən azı 10 ma­nata yaxın sığorta hissəsi var. Ən azı 5 il stajı olan adam pensiyaya çıxıbsa, 5 ilə görə də hər il üçün 1 manat 94 qəpik hesabı ilə sığorta hissəsi hesablandı və baza pensiyasının üzə­rinə əlavə olundu. Mən çıxışımda qeyd etdim, bu gün bütün pensiyaçılarımızın artıq 1 milyon 246 min nəfərinin pensiya­larının məbləği ölkə üzrə müəyyən edilmiş yoxsulluq səviy­yəsi məbləğindən, yəni 98 manatdan yuxarıdır. Yalnız 34 min adam var ki, onların iş stajları 5–6 il olduğuna görə pensiyala­rının baza hissəsinin üzərinə yalnız 10–11 manat əlavə olu­nub. Ona görə də bu məbləğ 98 manata gəlib çıxmayıb. Qalan şəxslərin hamısının pensiyası 98 manatdan yuxarıdır.

Biz nəzərdə tuturuq ki, növbəti ildə bütün pensiyaların sığorta hissəsi yanvar ayının 1-dən mövcud inflyasiya faizi­nə, yəni 9,8 faizə uyğun olaraq indeksləşdiriləcəkdir. Bu da ona gətirib çıxaracaqdır ki, bütün pensiyaçılarımızın pensi­ya­larına yanvar ayının 1-dən artım tətbiq olunacaqdır. Əgər il ərzində sosial sığorta haqlarının daxil olmasından əlavə vəsaitlər formalaşarsa, o zaman biz bu məsələyə, yəni pen­siyaların baza hissəsinin artırılması məsələsinə yenidən qa­yıda bilərik.

Mən Elmira xanıma dediyi sözlərə görə təşəkkür edirəm. Amma eyni zamanda, Elmira xanım, yadınızdadırsa, 2 il bun­dan qabaq qanunun müvafiq maddəsinə dəyişiklik edildi və “ildə bir dəfədən az olmayaraq” sözləri oradan çıxarıldı. İndi qanunun həmin maddəsi belə səslənir: “Pensiyaların baza hissəsi artırılan zaman mövcud inflyasiya faizlərinin nəzərə alınması vacibdir”. Ona görə də biz son iki ildə Sizin də qeyd etdiyiniz kimi, əsas diqqəti pensiya sistemində uzun illər mövcud olmuş müxtəlif prinsiplə pensiya alınması məsələsinin ortadan qaldırılması və keçmişdə pensiyaya çıx­mış şəxslərin pensiyalarının yeni prinsiplərə uyğun hesab­lanaraq artırılması məsələsinə diqqət yetirdik. Mən bayaq da qeyd etdiyim kimi, təkcə bu islahatın həyata keçirilməsi üçün bir il ərzində, 2012-ci ildə 410 milyon manat əlavə vəsait yönəldiləcəkdir.

Vahid müəllim burada Dövlət Sosial Müdafiə Fondunun hesablarında ilin sonuna qalan vəsaitlər barədə soruşdu. Vahid müəllim, bildiyiniz kimi, Dövlət Sosial Müdafiə Fondunun öz hesabı yoxdur. Biz də büdcə təşkilatları kimi dövlət xəzinədarlığında subhesaba malikik və həmin subhe­sabda qalan vəsait 2009-cu ilin sonuna 17,5 milyon manat, 2010-cu ilin sonuna isə 13,9 milyon manat olmuşdur. Bil­diyiniz kimi, büdcə qanunlarımıza görə, ilin sonuna qalan vəsait növbəti ildə pensiyaların və müavinətlərin maliyyələş­dirilməsinə yönəldilir və həmin qaydanı da biz praktikada həyata keçirmişik.

Burada bankomatlarla bağlı çox böyük məsələ qaldırıldı. Qənirə xanım öncədən də mənə müraciət etmişdi. Mən bildir­mək istəyirəm ki, biz banklarla daimi olaraq bu məsə­lədə əməkdaşlıq edirik. Amma bankomatlar bahalı bir mal­dır. Ən ucuzlarının qiyməti 50 min dollardır. Hər bir banko­mat 1400 nəfər pensiyaçıya xidmət eləməlidir, yəni bu nor­mativi qoy­muşduq. Amma sonralar maaşların, pensiyaların bankomatlar vasitəsilə ödənilməsi mədəniyyəti genişləndi və artıq ölkədəki bütün büdcə təşkilatlarında çalışan şəxslərin də əmək haqları­nın kartlarla bankomatlar vasitəsilə verilmə­sinə keçildi.

Qənirə xanımın burada qeyd etdiyi kimi, əgər bir neçə il bundan qabaq bankomatlar yalnız 1 milyon 200 min nəfər pensiyaçıya xidmət edirdisə, bu gün ölkədə dövriyyədə 54 milyon bank kartı fəaliyyət göstərir və 5 milyon insan banko­matların xidmətindən istifadə edir. Ona görə də onla­rın sayı­nın artırılması, təbiidir ki, vacibdir. Biz bunu nəzərə alaraq ya­xın vaxtlarda, ya bu il ərzində, ya da növbəti ilin ilk ayla­rında tender keçirəcəyik və orada həmin normativi aşağı sala­cağıq. Yəqin ki, 900–1100 hesablayarıq. Hazırda min pensi­ya­çıya bir bankomat xidmət göstərməlidir prinsipi ilə tender şərtini irəli sürəcəyik. Əlavə olaraq bankomatların regionlar­da sayının çoxaldılması istiqamətində danışıqları davam etdirəcəyik.

Bu kontekstdə bir məsələni də diqqətinizə çatdırım. Artıq Beynəlxalq Bank səyyar bankomatların alınması üçün sifa­rişlər vermişdir. Səyyar bankomat nədir? Yəni bankomat maşının üzərində qurulur və həmin maşınlar bəlli tarixlərdə hər bir rayonun kəndlərinə gedərək insanlara xidmət göstə­rir. Orada maşın açılır və insanlar həmin səyyar bankomat­lardan öz pensiyalarını ala bilirlər. Hazırda bu problem öz həllini tapmaqdadır. Gələn ilin ilk rübündə həmin səyyar bankomatların Beynəlxalq Bank tərəfindən alınıb ölkəyə gətiriləcəyi gözlənilir. Bununla da uzaq kəndlərdə pensiya alan şəxslərin rayon mərkəzinə gəlmələri məsələsi, demək olar ki, öz həllini tapacaqdır.

Bayaq Qənirə xanım bir məsələ də qaldırdı. Biz tender şərtləri toplusuna hər bir pensiyaçının və yaxud onun yaxın adamının mobil telefonuna SMS göndərilməsi barədə də şərti daxil edəcəyik. Yəni bu tenderin qalibi olacaq bütün banklar hər bir pensiyaçının hesabına köçürülən vəsait barə­də onun mobil telefonuna dərhal məlumat versinlər ki, pen­siyaçı bir neçə dəfə bankomatların qarşısına gəlib pensiya­sını almağa səy göstərməsin. Yalnız məlumat aldıqdan sonra gəlib öz vəsaitini oradan götürə bilsin.

Burada Siyavuş müəllim bir məsələ qaldırdı. İnsanların 25 il çalışaraq pensiya alması məsələsinə toxundu. Əlbəttə, Siyavuş müəllim, mən diqqətinizə çatdırmaq istəyirəm ki, “Əmək pensiyaları haqqında” Qanunda ağır işlərdə, isteh­salatın ağır sahələrində, yeraltı işlərdə çalışan insanların, o cümlədən cırtdanboyluların, liliputların və digər onlara uy­ğun olanların daha erkən pensiyaya çıxması yaşı müəyyən­ləş­dirilmişdir. Əgər bu sahədə çalışan insanların 25 il iş stajı varsa və bunun yarısını belə işlərdə çalışmışlarsa, onda Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə belə şəxslər 52 və 57 yaşlarında pensiyaya çıxa bilərlər. Bu məsələ qa­nunda öz əksini artıq tapmışdır.

Mən bir də, sonda İqbal müəllim Ağazadənin çıxışı ilə bağlı müəyyən fikirlərimi bildirmək istəyirəm. Mən elə düşü­nürəm ki, Dövlət Statistika Komitəsinin ölkənin sosial-iqtisadi inkişafına dair yaydığı məlumatları, yəqin ki, bizim bütün vətəndaşlarımız, xüsusilə dövlət strukturlarında çalı­şanlar, millət vəkilləri və sair şəxslər daim izləyirlər. Əgər sonuncu topluya baxsanız, görərsiniz ki, ölkədə muzdla işlə­yənlərin sayının 1 milyon 370 min nəfər olduğu açıqlanıb. Bu gün Dövlət Sosial Müdafiə Fondunun fərdi uçotun qey­diyyat sistemində qeydiyyatda olan sığorta olunanların da məhz 1 milyon 364 min nəfəri muzdla işləyənlərdən ibarət­dir. Dövlət Sosial Müdafiə Fondu ilə Dövlət Statistika Ko­mitəsinin açıqlamaları arasında hər hansı bir fərq yoxdur.

Əlbəttə, bu gün sərbəst fəaliyyətlə məşğul olan əhali ilə böyük problemlər yaşanır. Siyavuş müəllim də bayaq doğru qeyd etdi, tikintidə, ictimai iaşə sahəsində, şadlıq evləri, restoran biznesində, özəl nəqliyyat sferasında və digər sahə­lərdə çalışan şəxslərin məcburi dövlət sosial sığortasına cəlb olunması istiqamətində Dövlət Sosial Müdafiə Fondu yalnız təbliğat və maarifləndirmə istiqamətində iş apara bilir. Bu sahələrdə həmin insanların aşkarlanması, onlarla əmək müqa­vilələrinin bağlanmasına məcbur edilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Vergilər Nazirliyi fəaliyyət göstərir. Biz bu orqanlarla daim əməkdaşlıq edirik. Diqqətinizə çat­dırım ki, təkcə son bir il ərzində Vergilər Nazirliyi tərə­fin­dən Dövlət Sosial Müdafiə Fondu fərdi uçot qeydiyyatının aparılması üçün 25 min nəfərdən çox insanın məlumatları göndərilmiş və onların qeydiyyatı həyata keçirilmişdir. Bu proses indi də davam edir. Amma açıq demək lazımdır ki, bu gün 2003-cü ildən 2011-ci ilə qədər fərdi uçot sistemində qeydiyyatı aparılmış şəxslərin 550 mindən çoxu yeni yara­dılmış iş yerlərinin hesabına iş tapmış şəxslərdən ibarətdir. Bu gün statistikanın göstərdiyi kimi, ölkədə 2 milyon 990 mindən çox adam sərbəst fəaliyyətlə məşğuldur.

Statistik məlumatlara baxa bilərsiniz, onların 1 milyon 770 min nəfəri kənd təsərrüfatında məşğuldur. Bizim qanun­da məcburi dövlət sosial sığorta haqlarının tarif dərəcələri bu insanlar üçün həddindən artıq aşağı müəyyən edilmişdir. Torpaq qruplarından asılı olaraq, hər bir hektar torpaq üçün bu gün mövcud olan minimum əmək haqqının 2 faizi, 4 faizi, 8 faizi, 12 faizi müəyyən edilmişdir. Bu isə bir ildə cəmi 18 manat təşkil edir. Hətta axırıncı kateqoriya torpaqlar üçün ayda bir manat yarım təşkil edir. Amma insanlar qey­diyyata durmaq istəmirlər. Ona görə də gördüyünüz kimi, kənd təsərrüfatında çalışan insanların gələcəkdə pensiya təminatı məsələsində problemlər ortaya çıxa bilər. Bu tama­milə onların özlərindən asılı olan məsələdir. Bu insanlar öz torpaq paylarına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyata düşüb sosial sığorta haqqı ödəmək istəmirlər.

Bu gün bizim sistemə daxil olanların çoxu sovet dövrün­də əldə etdikləri stajları bizə təqdim edirlər və bunun əsasın­da biz onların pensiya təminatını aparırıq. Amma baxın, fikir verin, son 3 il ərzində artıq pensiya sisteminə yaşa görə daxil olanların sayı azalmaqda davam edir. Bu bizim hesabla­ma­lara görə 2026-cı ilə qədər davam edəcəkdir. Bu da, əsasən, həmin staj məsələsi ilə bağlıdır. Artıq 1991-ci ildən uzaqlaş­dıqca insanlar stajlarının 12 ilə çatması problemləri ilə daha çox qarşılaşacaqlar. Nəticədə pensiya sisteminə yaşa görə daxil olanların sayı azalmaqda davam edəcəkdir. Biz bunu dəfələrlə televiziya, kütləvi informasiya vasitələri ilə insan­la­rı­mızın diqqətinə çatdırmağa çalışırıq. Amma çox təəssüf­lər olsun ki, bu sahədə hələ belə bir irəliləyiş yoxdur. İqbal Ağazadə deyir ki, burada böyük təzadlar var. Heç bir təzad yoxdur. Muzdla işləyənlərin sayı tamamilə üst-üstə düşür. Kənd təsərrüfatı ilə məşğul olanlar qeydiyyata düşmürlər. Digər sahələrdə biz müvafiq orqanlarla birlikdə ciddi iş aparırıq. Düşünürəm ki, növbəti illərdə bu sahədə irəliləyişə nail olacağıq.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir daha sizə dərin təşəkkürümü bildirirəm ki, fondun büdcəsinin layihəsini belə ciddi şəkildə müzakirə etdiniz. Sağ olun.

Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Bugünkü gündəliyimizdə sonuncu iki məsələ qalıb. Bir məsələ Milli Məclisin, biri də Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqındadır. Buyursun Firudin Hacıyev.

F. Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin iş­lər müdiri.

Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli de­putatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 17 milyon 915 min 565 manat vəsait nə­zər­də tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisi­nin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxı­larkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər sme­tasının layihəsi sizə təqdim edilmişdir.

Milli Məclisin və onun Aparatının 2012-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutul­muş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binala­rın mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağ­lan­mış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 69,4 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclis deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərinin sayı xeyli artmışdır. Bununla bağlı 2012-ci ilin xərclər smetasının “Ezamiyyə xərcləri” maddəsi üzrə 1 milyon 56 min 900 manat məblə­ğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətlərinin haqqının ödənilməsi ilə əlaqədar xərclər yarımmaddəsi üzrə 210 min manat məbləğində vəsaitin ayrılması planlaşdırıl­mışdır. Qeyd olunan vəsaitdən 49 min 740 manat Milli Məc­lisə xidmət edən Xətai və Yasamal rayon telefon qovşaqları­nın, AzEvrotel birgə müəssisəsinin, Səbail rayon poçt-teleq­raf qovşaqlarının, hökumət ATS-nin, Şəhərlərarası Telefon Stansiyasının və digər rabitə təşkilatlarının illik abunə haq­larının və xidmətlərinin ödənişi üçün, 88 min 260 manat beynəlxalq və ölkədaxili telefon danışıqları, 12 min manat Avropa Şurasının Parlament Assambleyasından beynəlxalq telefon danışıqları, 60 min manat isə İnternet və poçt xid­mətlərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Bildirmək istəyirəm ki, 2012-ci ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2011-ci illə müqayisədə 44 min 892 manat artırılmışdır. Bu maddə üzrə cəmi 450 min manat məblə­ğində vəsait nəzərdə tutulmuşdur. 2012-ci ilin xərclər smeta­sında dəftərxana xərcləri üçün 10 min manat, digər kom­munal xidmətlərin haqqının ödənilməsi üçün 12 min manat, “İstehlak mallarının və materiallarının alınması” maddəsi üzrə isə 50 min manat vəsait artırılmışdır.

2012-ci ilin xərclər smetasında “Yanacaq və sürtgü ma­teriallarının alınması” və “Nəqliyyat xidmətlərinin haqqının ödənilməsi” yarımmaddələri üzrə cəmi 259 min 881 manat vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin 206 min 858 manatı yanacaq və sürtgü materiallarının alınması, “Digər nəqliyyat xidmətləri” yarımmaddəsində isə 53 min 23 manat vəsait Milli Məclisin xidməti avtomaşınlarına xidmət haqqı­nın ödənilməsi üçün nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 96 min 977 manat azdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2012-ci ilin xərclər smetasında “Nəqliyyat vasitələrinin alınması” yarımmaddəsi üzrə vəsait nəzərdə tutulmamışdır. Bundan başqa, Milli Məclisin avtoparkına 2001-ci ildə QAZ-3105, 2005–2006-cı illərdə Nissan Maxima, Nissan Altima, Mersedes E-300, Toyota Avalon və sair markalı avtomaşınlar alınıb istismara verilmişdir. Bu gün uzunmüddətli istismar nəticəsində gös­təri­lən avtomaşınların cari və əsaslı təmir edilməsi tələb olu­nur. 2012-ci ilin xərclər smetasında “Digər nəqliyyat xid­mətləri” yarımmaddəsində 53 min 23 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da göstərilən avtomaşınların saxlanması üçün böyük maliyyə çətinlikləri yaradacaqdır.

Milli Məclisin avtoparkının maddi-texniki bazasının yax­şı­laşdırılması məqsədi ilə yeni avtomaşınların alınması üçün “Nəqliyyat vasitələrinin alınması” yarımmaddəsinə 400 min manat, avtomaşınların cari və əsaslı təmiri üçün “Digər nəq­liyyat xidmətləri” yarımmaddəsinə 150 min 500 manat və­saitin ayrılması tələb olunur.

Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və sair göstərilən xidmət­lərə görə yarımmaddələr üzrə 2012-ci il üçün 800 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bundan başqa, “İda­rənin digər xərcləri” maddəsi üzrə 307 min 400 manat, “Elektrik enerjisi haqqının ödənilməsi” yarımmaddəsinə 290 min manat və “Sair xərclər” yarımmaddəsinə isə 50 min manat vəsait ayrılmışdır. Bildirmək istəyirəm ki, 2012-ci ilin aprel ayında ölkədə Avronest Parlament Assambleyasının plenar sessiyasının keçirilməsi nəzərdə tutulmuşdur. Bu beynəlxalq tədbirin respublikada keçirilməsi ilə bağlı tələb olunan vəsait barədə Maliyyə Nazirliyinə yazılı müraciət edilmişdir.

Hörmətli Samir müəllim, sadalanan məsələləri nəzərə ala­raq, 2012-ci ilin xərclər smetasında “Xarici ezamiyyə xərc­ləri” yarımmaddəsinə 100 min manat, “Digər nəqliyyat xid­mətləri” yarımmaddəsinə 150 min 500 manat, “Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi” yarımmad­­si­nə 12 min 520 manat, “İnternet xidməti haqqının ödənil­məsi” yarımmaddəsinə 10 min manat, “Nəqliyyat vasitələ­rinin alınması” yarımmaddəsinə isə 400 min manat vəsaitin əlavə olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

Hörmətli deputatlar, nəzərinizə çatdırıram ki, cari ildə Milli Məclisə müasir tipli kompüter, faks, kseroks və mebel dəstləri alınıb müvafiq xidməti otaqlarda və foyelərdə quraşdırılmışdır. Bundan başqa, Milli Məclisə tələb olunan materialların çap edilməsi üçün “Çapetmə və çoxaltma” sektorunda çoxlu sayda avadanlıqlar alınıb quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli, 25 F saylı sərəncamı ilə Milli Məclisin inzi­bati binalarında təmir və yenidənqurma işlərinin aparılması üçün lazımi vəsait ayrılmışdır. Həmin vəsait hesabına hazırda inzibati binanın 14-cü və 7-ci mərtəbələrində əsaslı təmir və yenidənqurma işləri aparılmaqdadır.

Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, 2005–2011-ci illər ərzində Milli Məclisin inzibati binaları­nın həm xarici görünüşünün, həm də daxili interyerinin müa­sir standartlara uyğunlaşdırılması üçün əsaslı yenidənqurma və təmir işləri həyata keçirilmişdir. Beşmərtəbəli inzibati binanın sahəsi 3300 kvadratmetr olan fasad hissəsi qranit tipli alkopon materialı ilə üzlənmişdir. Eyni zamanda, həyət­yanı sahənin 820 kvadratmetr hasarı xüsusi memarlıq üslu­bunda gülbağ daşı ilə üzlənmiş, 700 kvadratmetr döşəməsinə qranit plitələr döşənmiş, 450 metr uzunluğunda beton səki daşları qranit səki daşları ilə əvəz edilmiş və sair işlər aparıl­mışdır. Bundan başqa, bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında mütə­madi olaraq yenidənqurma işləri aparılmaqdadır.

Hörmətli Sədr, hörmətli deputatlar! 2012-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2012-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnət­daram.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Milli Məclisin gördüyü işləri sizə deyir, deməlidir də. Hövsələniz çatmır, deyəsən. Kamilə Əliyeva.

K.Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli millət və­­killəri, mən çıxışımda bilavasitə parlamentin fəaliyyətinə aid məsələlərdən birinə toxunmaq istərdim. Bildiyiniz kimi, 2007-ci ildə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə deputat köməkçisi institutu yaradılmışdır. Əmin­­liklə qeyd edə bilərik ki, 4 ildən çox fəaliyyəti döv­­ründə bu institutun işinin təkmilləşdirilməsi istiqamətin­­də Milli Məclis rəhbərliyinin yardımı ilə xeyli iş görülmüş­­dür. Lakin köməkçilərimizin sosial müdafiəsinin təşkili məsələ­­sin­­də bir sıra boşluqlar yaranmışdır. Bu, hər şeydən öncə kö­­məkçilərin məzuniyyəti ilə bağlıdır. Ötən çağırışda kömək­­çilərimiz məzuniyyətə çıxan zaman onlara bir aylıq məva­­cib­­ləri miqdarında əlavə müavinət verildiyi halda bu çağırış­­da onların verilməsi dayandırılmışdır. Bunu onların dövlət qulluqçusu olmamaları ilə əlaqələndirirlər. Fikrimcə, əgər köməkçilər ilə bağlanmış əmək müqaviləsinin bütün tələb­­ləri dövlət qulluqçularına şamil olunan tələblərlə eynidirsə, onda onlara da dövlət qulluqçusu statusunun verilməsi məqsədəuyğun olardı.

Eyni zamanda, biz bu addımla köməkçi institutunun nüfu­­zu­­nun qaldırılması, onların sosial müdafiəsinin yaxşılaşdırıl­­ması istiqamətində böyük iş görmüş olardıq. Onu da nəzərə alaq ki, parlamentdə artıq beşinci ildir ki, fəaliyyət göstərən xeyli köməkçilər var və onlar dövlət qulluqçusu hesab edil­­səy­­dilər, artıq onların ilkin ixtisas dərəcələri olardı. Hazırda belə bir sual ortaya çıxır ki, nədən kifayət qədər mürəkkəb funksiya yerinə yetirən və ali hakimiyyət orqanının rəsmi işçiləri olan bu şəxslər dövlət qulluqçusu hesab edilmə­­sinlər?

Mən hörmətli Sədrdən xahiş edərdim ki, qaldırdığım bu məsələnin həllinə yardımçı olsun və deputat köməkçilərinə dövlət qulluqçusu statusunun verilməsinə nail olaq. Məncə, deputat həmkarlarım da mənimlə həmrəy olarlar. Biz, de­­putatlar köməkçilərimizə bu statusun verilməsi üçün möv­­cud qanunvericiliyə dəyişiklik də edə bilərik. O ki qaldı məzuniyyətə gedərkən müavinət məsələsinə, bunun əvvəl verilib indi dayandırılması artıq geriyə doğru atılmış addım­­dır və tezliklə düzəlməlidir. Nəzərə alaq ki, köməkçinin işgüzarlığı bütün digər peşə sahibləri kimi onun sosial müdafiəsi ilə şərtlənmiş olur. Onların işgüzarlığı isə şəxsən biz deputatların fəaliyyətinin təşkilinin başlıca və zəruri şərtidir. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun, Kamilə xanım. Sizin köməkçiniz kimdir? Sizdən qabaq da işləyib, ya təzə götürülmüşdür?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təzədir. Biz hər 4 ildən bir dövlət qulluq­­çusu statusu verməliyik? Onlar işə müqavilə ilə qəbul olu­­nur­­lar. Amma əmək haqqı məsələsinə baxa bilərik. Millət vəkili yenidən seçilmədikdə, onun köməkçisi dövlət qulluq­­çusu statusu ilə işdən çıxarılır? Bu, düzgün deyil. Bunlar əvvəlcədən düşünülmüş məsələlərdir.

Firudin müəllimin təklifləri Maliyyə Nazirliyinə verilib, yəqin, Maliyyə Nazirliyi bu təkliflərə də baxacaq. Büdcə layihəsinə səs verərkən bu məsələyə münasibət bildirəcəklər. İndi isə Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında danışmaq üçün Hesablama Palatasının sədri Heydər Əsədov buyursun.

H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palata­sı­nın sədri.

Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının builki büdcəsi keçənilki büdcəsindən 64 min manat artıq təqdim edilmişdir. Bu büdcə bizim funksional vəzifələrimizi yerinə yetirməyə tam imkan verir. Bizim əlavə sifarişlərimiz olmayıb. Ona görə də Milli Məclis üzvlərindən bu büdcəyə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Hesablama Palatasının büdcəsi ən qənaətcil büdcə olmalıdır. Əgər başqa suallar yoxdursa, işimizi biti­rək. Bu gün iclasımızı tez başa çatdırdıq. Gələn iclas, yəqin, ayın 6-sı olacaq, əvvəlcədən xəbər verəcəklər.

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU