13.12.2011 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 29

 

Milli Məclisin iclas salonu.

13 dekabr 2011-ci il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  

O.Əsədov sədrlik etmişdir

 

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.02 dəq.)

İştirak edir  105

Yetərsay  83

 

 İclasa dəvət olunmuşlar:

 

Çingiz Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.

Rauf Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi.

 

Əsəd Musayev, Azərbaycan Respublikası Kənd Təsər­rü­fa­tı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru.

Zeynal Əkbərov, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru.

Afiq Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Res­publikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qar­şı­lıq­lı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edil­məsi barədə Azərbaycan Respublikası qanununun la­yi­həsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hö­kuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorun­ması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Res­publikası qanununun layihəsi haqqında.

3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hö­kuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təs­diq edilməsi barədə Azərbaycan Respublikası qanununun la­yihəsi haqqında.

4. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr ta­rixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respu­blikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs­lə­rin və Azərbaycan Respublikasında 30 gündən artıq ya­şa­maq istəyən əcnəbilərin  xüsusi sənədləri haqqında Əsas­na­mə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qa­nununun layihəsi haqqında.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­lə­sin­də dəyişikliklər edilməsi haqqında Azərbaycan Res­pub­li­ka­sı qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikasının İsmayıllı rayonunun in­zi­ba­ti ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haq­qında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

7. Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi böl­güsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Resp­ublikası qanununun layihəsi barədə.

8. Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələ­diy­yələrinin tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

9. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azər­bay­can Respublikasının Qanununa əlavə edilmiş “Azərbay­can Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişik­liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun lay­ihəsi haqqında.

10. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Res­publi­kası qanununun layihəsi barədə.

11. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və sə­mərəli istifadəsi haqqında Azərbaycan Respublikası qa­nununun layihəsi barədə (ikinci oxunuş).

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

Gündəlik haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri saat 12.03 dəq.)

Lehinə  92

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  92

Nəticə: Qəbul edildi

 

1. Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanu­nunun layihəsi haqqında.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Sevinc Fətəliyeva, Asim Mollazadə

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)

Lehinə  106

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  106

Nəticə: Qəbul edildi

 

2. Azərbaycan Respublikası Hökuməti və Monte­neq­ro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.10 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

3. Azərbaycan Respublikası Hökuməti və Monte­neq­ro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)

Lehinə  103

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

4. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr ta­rixli 421-ΙQ  nömrəli Qanunu ilə təsdiq edilmiş Azər­bay­can Respublikasında daimi yaşayan vətəndaşlığı ol­ma­yan şəxslərin və Azərbaycan Respublikasında 30 gün­dən artıq yaşamaq istəyən əcnəbilərin  xüsusi sənədləri haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fəzail Ağamalı

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.16 dəq.)

Lehinə  99

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  99

Nəticə: Qəbul edildi

 

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişikliklər edilməsi haqqında Azər­bay­can Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fəzail Ağamalı, Siyavuş Novruzov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.30 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  101

Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə, Etibar Hüseynov, Fəzail İbrahimli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.42 dəq.)

Lehinə  102

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  102

Nəticə: Qəbul edildi

 

7. Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.43 dəq.)

Lehinə  94

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  94

Nəticə: Qəbul edildi

 

8. Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haq­qın­da Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.44 dəq.)

Lehinə  98

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

9. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azər­baycan Respublikasının Qanununa əlavə edilmiş Azər­baycan Respublikasında bələdiyyələrin siyahı­nda dəyişikliklər edilməsi barədə Azərbaycan Res­publikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.45 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

10. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Əhməd Vəliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Qənirə Paşayeva, Elmira Axundova, Mübariz Qurbanlı, Tahir Rzayev, Çingiz Qənizadə, Aqiyə Naxçıvanlı, Leyla Abdullayeva, Azər Badamov, Əliağa Hüseynov, Abel Məhərrəmov, Vahid Əhmədov, Sahib Alıyev, Gülər Əhmədova, Fazil Mustafa, Musa Qasımlı

 

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.45 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

11. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

 

Təklif: Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.53 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

Təklif: Layihənin adı, preambulası, 1–26-cı maddələr qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.54 dəq.)

Lehinə  95

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  95

Nəticə: Qəbul edildi

 

Təklif: Qanun layihəsi ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.54 dəq.)

Lehinə  94

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  94

Nəticə: Qəbul edildi

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.55 dəq.)

Lehinə  93

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  93

Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

 

13 dekabr  2011-ci  il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

 

Qeydiyyat  (saat 12.02 dəq.)

İştirak edir  105

Yetərsay   83

 

Yetərsay var. İclasımıza başlaya bilərik. Gündəlik sizə pay­lanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bil­di­rə­si­niz.

 

Səsvermənin nəticələri  (saat 12.03 dəq.)

Lehinə  92

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  92

Nəticə: Qəbul edildi

 

Gündəlik qəbul edildi. Sağ olun. Müzakirələrə ehtiyac var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yaxşı, gündəlikdəki məsələlərin müzakirəsinə başlayırıq. Gündəliyin birinci məsələsi. “Azər­baycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Sevinc Fətəliyeva.

S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.

Hörmətli cənab Sədr, hörmətli deputatlar! Azərbaycan dövləti özünün xarici siyasətində Cənubi Amerika ölkələrinə çox böyük maraq yetirir. Artıq Meksika və Argentinada bizim səfirliklər fəaliyyət göstərir. Həmin səfirliklər Cənubi Ameri­kanın digər ölkələrində də akkreditə olunur. Braziliya­da ayrıca səfirliyin təsis olunması haqqında müvafiq qərar qəbul olunub.

Dövlət rəhbərliyinin xarici siyasətinin müdrik, çoxvektor­lu olmasının və uğurla aparılmasının bariz nümunəsi Azər­bay­canın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Xüsusilə qeyd etmək istərdim ki, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində Kolum­bi­ya Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrdən biri olub. Cənubi Amerikanın iri ölkələrindən biri olan Kolum­biya ilə saziş dövlətlərimiz, hökumətlərimiz arasında mü­nasi­bətlərin yaxşılaşdırılmasında çox müsbət rol oynayır, Azərbaycan–Kolumbiya əlaqələrini daha da genişləndirir, qarşılıqlı səfərlərin həyata keçirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradır. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.

A.Mollazadə. Çox sağ olun, cənab Sədr. Mən, sadəcə olaraq, onu qısaca vurğulamaq istərdim ki, son vaxtlar Azər­bay­canın Latın Amerikasında açılan səfirlikləri çox ağır şəraitdə böyük işlər görür. Latın Amerikasının bir neçə öl­kə­sin­də çox zəngin və güclü erməni diasporu Azərbaycanla bağ­lı yalan və iftiralar yayır. Məsələn, Argentinaya işğalçı re­jimin nümayəndəsi Bako Saakyanın səfərini təşkil eləmək, onu Argentina Konqresində, Senatında qəbul eləmək istəyir­di­lər. Lakin səfirliyimizin çox fəal işi nəticəsində bunun qar­şı­sı alındı. Meksikada Azərbaycan səfirliyi çox böyük işlər gö­rür. Ümidvaram ki, Braziliyada  açılmaqda olan sə­fir­li­yimiz də Latın Amerikasında Azərbaycana olan münasibətin dəyişməsinə təsir göstərə biləcək. Bu, son vaxtlar bizim diplomatik xidmətimizdə uğurlar kimi qiymətləndirilməlidir. Mənə elə gəlir ki, hörmətli millət vəkilləri bu sazişi təs­di­q­lə­yə­cək və gələcəkdə ümumiyyətlə, Azərbaycan dövlətinin bir sı­ra ölkələrdə yeni səfirliklər açmasına öz dəstəyini yenə də əsir­gəməyəcəklər. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Asim müəllim. Düzdür, bizim Xarici İşlər Nazirliyi, səfirlərimiz çox güclü işləyirlər, ancaq heç biriniz parlamentin gördüyü işlərdən danışma­dınız. Bizim millət vəkilləri, elə Siz özünüz də orada olmu­sunuz. Hazırda Meksika–Azərbaycan  parlament dostluq qru­pu­nun nümayəndələri buradadırlar. Onlar Meksikada Azərbaycanı dəstəkləyir, Azərbaycanın problemlərinə aid bir çox qətnamələr hazırlayırlar. Ülvi Quliyev Azərbaycan–Meksika dostluq qrupunun sədridir. Dünəndən Meksika nümayəndə heyəti ilə burada çox gözəl görüşlər keçirilir. Bunlar hamısı görülən işlərdir. Həqiqətən, Latın Amerikası ölkələri ilə işləmək lazımdır  və həmin ölkələrdə səfirlik­lərimizin açılması bu işlərin daha da sürətli getməsinə təkan verir.

Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsi­niz.

 

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)

Lehinə  106

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  106

Nəticə: Qəbul edildi

 

Qəbul edildi. Sağ olun.

Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qar­şılı­qlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.

 Hörmətli cənab Sədr, icazə versəniz, 2-ci məsələ ilə 3-cü məsələ barədə birlikdə məlumat verərəm. Ayrılıqda səsə qoymaq olar. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son vaxtlar Azərbaycanın beynəlxalq əlaqələri dinamik şə­kil­­də inkişaf edir. Ölkəmizin artan nüfuzu, iqtisadiy­yat­ı­mı­zın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası bir çox öl­kə­lə­rin Azərbaycana marağını artırır. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təş­vi­qi və qarşılıqlı qorunması haqqında” Saziş beynəlxalq standartlara uyğun hazırlanmışdır. Monteneqro balaca bir ölkədir, lakin apardığı sülh siyasəti Azərbaycanın maraq­larına uyğun gəlir. Heç şübhəsiz ki, bu ölkə ilə həm sərma­yələrin təşviqi və qarşılıqlı qorunması, həm də iqtisadi əmək­daşlıq haqqında sazişlərin imzalanması ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacaqdır. Millət vəkillərindən hər iki layihəyə müs­bət münasibət bildirmələrini xahiş edərdim.

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəlikdəki 2-ci məsələyə münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.10 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

bul edildi. Sağ olun.

Gündəlikdəki 3-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)

Lehinə  103

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

Qəbul edildi. Sağ olun.

Növbəti məsələ. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Buyur­sun Əli Hüseynli.

Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.

Çox sağ olun, hörmətli cənab Sədr. Sizin də qeyd et­di­yi­niz kimi, 1997-ci il tarixli qanunla təsdiqlənmiş bu əsasnamə Azər­baycanda daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxs­lərin və ölkəmizdə 30 gündən artıq yaşamaq istəyən əc­nə­­bilərin xüsusi sənədləri haqqında əsasnamədir. Bu əsas­na­mə­nin 27-ci maddəsində hüquqların məhdudlaş­dırılması, o cüm­lədən şəxsiyyət vəsiqəsinin verilməsindən imtina ilə bağlı əsaslar öz əksini tapıb. Qanunvericilik təşəbbüsü sub­yek­ti tərəfindən daha bir əsasın bura əlavə olunması təklif olu­nub. Söhbət məhkəmə qərarı əsasında verilmiş icra sə­nə­di­nin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz sə­bəb­dən icra edilməməsinə görə şəxsiyyət vəsiqəsinin veril­mə­sindən imtina barədə gedir. Hesab edirəm ki, bu müddəa da kifayət qədər əsaslıdır. Çünki praktikada belə hallar olur. Yəni məhkəmənin qərarı var, onu icra etmək lazımdır, am­ma könüllü icra olunmur. Təbii ki, müəyyən vaxt bitdikdən sonra vətəndaşlığı olmayan şəxs Azərbaycanı tərk edə bilir və məhkəmə qərarı icra olunmamış qalır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, həmin şəxsin ölkədən getmək hü­qu­qunun müvəqqəti məhdudlaşdırılması barədə məh­kə­mə­nin qanuni qüvvəyə minmiş qərarı varsa, artıq bu maddənin bi­rinci hissəsi hərəkətə düşmüş olur. Yəni hər iki halda şəx­siy­yət vəsiqəsinin bu cür şəxslərə verilməsindən imtina məh­kə­mə qərarı əsasında həyata keçirilir. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.

F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri! Mən təqdim edilmiş layihə ətrafında hər hansı bir fikir söyləmək fikrində deyiləm. Düşünürəm ki, layihədə təklif olunan dəyişiklik qəbul edilməlidir. Lakin bu məsələ ilə dolayısı yolla bağlı olan daha vacib bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Azərbaycan qanunvericiliyində bu dəyişikliyə ciddi ehtiyac var.

Bəlli olduğu kimi, vaxtilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız 1988-ci ildə Ermənistandan qovularaq Azər­bay­­cana pənah gətirdilər. Sonradan Azərbaycan qanun­ve­rici­liyinə müvafiq olaraq həmin soydaşlarımıza da Azər­bay­can Respublikasının vətəndaşlığı verildi və onlar şəxsiyyət vəsiqəsi ilə təmin edildilər. Lakin bu soydaşlarımızın şəxsiy­yət vəsiqəsində onların doğulduğu yer respublika və rayon səviyyəsində göstərilsə də, kənd və ya qəsəbələri göstərilməyib.

Bəlli olduğu kimi, uzun illər Ermənistan azərbaycanlılarn tarixi yurd yerlərinin – inzibati ərazilərin adlarını erməniləş­dirsə də, kəndlərin xeyli hissəsi deportasiya dövrünə, yəni 1988-ci ilə qədər öz adlarını qoruyub saxlayırdı. Ona görə mən təklif edirəm ki, 1994-cü ildə qəbul edilmiş  “Pasportlar haq­qında” Qanuna yenidən baxaq. Məncə, orada kifayət qədər köhnəlmiş məqamlar var. Eyni zamanda, bu məsələni də gündəmə gətirək ki, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın şəxsiyyət vəsiqələrində onların doğulduğu yerin adı bütöv verilməlidir. Misal üçün, Ermənistan Res­publi­kası Ararat rayonunun Şiddi kəndi. Bunu ona görə et­mək lazımdır ki, indi həmin tarixi torpaqlarda kəndlərin də adları dəyişdirilərək erməniləşdirilib. Bu, düşünürəm ki, gələcəkdə bizim üçün son dərəcə əhəmiyyətli bir fakt olardı. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin

birinci müavini Z.Əsgərov sədrlik edir

 

Sədrlik edən. Sağ olun. Nə təklif var? Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.16 dəq.)

Lehinə  99

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  99

Nəticə: Qəbul edildi

 

Qəbul edildi. Sağ olun.

Növbəti məsələ. Azərbaycan Respublikasının İnzibati Xə­ta­lar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun la­yi­həsi. Komitə sədri Əli Hüseynli məlumat verir.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hör­mətli həmkarlar, mən sizə xatırlatmaq istəyirəm ki, biz bir neçə ay bundan əvvəl İnzibati Xətalar Məcəlləsinin mü­va­fiq fəslinə ağır çəkili nəqliyyat vasitələri tərəfindən mü­əy­yən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması ilə bağ­lı bir sıra əlavələr və düzəlişlər etdik. O zaman həm hü­qu­qi, həm də fiziki şəxslər üçün sanksiyalar müəy­yən­ləş­dir­dik. Daha doğrusu, sanksiyalar var idi, onları artırdıq.

O zaman komitələrin birgə iclasında bu məsələ müzakirə olunarkən bir sıra millət vəkilləri iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkidən artıq yüklən­mə­sinə görə kifayət qədər ciddi məsuliyyətin müəyyənləş­dirilməsi ilə bağlı təkliflər etmişdilər. Bu təkliflər öyrənildi, qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olundu.

İndi Milli Məclisə cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında konkret layihə daxil olub. Burada mövcud 163-cü maddəyə 163-1-ci maddənin əlavə edilməsi təklif olunur. İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkidən artıq yüklənməsi, bilirsiniz ki, yollarda ciddi fəsadlara gətirib çıxarır. Ona görə də layihədə bu qayda pozuntusunun ağırlıq səviyyəsinə uyğun olaraq sanksiyalar nəzərdə tutulub. İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə görə hüquqi şəxslərin maksimum 5 min manatadək, fiziki şəxslərin isə 700 manatadək cərimələn­məsi təklif olunur.

Bu maddənin xüsusi bir hissəsi də mövcuddur. Burada deyilir ki, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasi­tələ­rini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məh­dud­laşdırılmaqla fiziki şəxslər 1200 manatadək, hüquqi şəxslər 6000 manatadək miqdarda cərimə edilirlər. Gör­düyünüz kimi, bu yeni müddəadır. Eyni əməlin təkrarlandığı hallar, təəssüf ki, mövcuddur. Xüsusən də yeni tikilən yollara ziyanı kifayət qədərdir. Amma ona adekvat olaraq cərimə sanksiyaları da kifayət qədər yüksəkdir.

Bir daha vurğulamaq istəyirəm ki, bu, vaxtilə bizim komi­tələrin birgə iclasında millət vəkilləri tərəfindən qal­dırıl­mış məsələdir ki, indi öz müsbət həllini tapıb. Diq­qətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, Fəzail Ağamalı.

F.Ağamalı. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, xatirinizə gəlirsə, mən hökumətin yığıncağında da, büdcə müzakirələrində də bu məsələnin vacibliyini dəfələrlə önə çəkmişəm. Yeni yol çəkilişi həm ölkənin inkişafı, həm də insanların rahat və təhlükəsiz hərəkəti üçün vacib şərtlərdən biridir. Mən təəssüf edirəm ki, istər magistral yollarda, istərsə də Bakı şəhərinin özündə yaradılmasına milyardlarla vəsait ayrılan yüksək səviyyəli infrastruktura adekvat münasibət mövcud deyil.

Ona görə bu məsələyə kompleks yanaşmaq lazımdır. Yeni infrastrukturun qorunub saxlanması üçün biz nəinki İnzibati Xətalar Məcəlləsinə, zəruri olarsa, Cinayət Məcəlləsinə də müəyyən əlavələr etməliyik. Deyək ki, Bakı şəhərində Bakı–Sumqayıt yolunu birləşdirən yüksək səviyyəli yol çəkilib. Müəyyən müddətdən sonra hansı səbəbdənsə həmin yol təzədən qazılır, pis vəziyyətə salınır və beləliklə, yenidən o yola əlavə vəsait qoymağa ehtiyac yaranır. Yenidən o vəsait xərclənir və sair və ilaxır. Hələ demirəm ki, insanların həmin yollardan getməsi nə qədər çətinləşir, tıxaclar əmələ gəlir, nəqliyyatım təhlükəsizliyi üçün ciddi problemlər meydana çıxır. Bunun qarşısı alınmalı, burada bir nizam-intizam yaradılmalıdır. Bu təsərrüfatda özünü göstərən xoşagəlməz halların qarşısını almaq üçün, mənə belə gəlir ki, daha ciddi tədbirlər görülməlidir.

Magistral yollar Azərbaycanı xariclə birləşdirən şah damardır. İstər Qərbdən, istər Cənubdan, istərsə də Şimaldan Azərbaycana gələn, Azərbaycandan gedən yüklərin xeyli his­səsi məhz avtomobillər vasitəsilə daşınır. Yol çəkilir. La­kin bu yol lazımi səviyyədə qorunub saxlanılırmı? Mən deyər­dim ki, yox. Ona görə mən düşünürəm ki, bu məsələ ilə bağlı qanunvericilik normalarının dəyişdirilməsində biz hələ bir az gecikmişik. Lakin əgər bu gün bu dəyişikliklər edilirsə, hər halda ümid etmək olar ki, yola qarşı, – mən çox kəskin ifadə işlətmək istəməzdim, – vəhşi münasibətə nəhayət son qoymaq mümkün olacaqdır.

Bir maşın 20 ton yük götürürsə, o maşına 30 ton yük vurulur. Nəyə görə, çünki bunu edən insan oradan daha çox pul götürəcək, bir az artıq qazanacaq və sair. Daha onu düşünmür  ki, orada nə qədər insanın gərgin zəhməti bir nə­fərin qazanmış olduğu haradasa 100 manatın badına gedir, dövlət büdcəsindən xərclənən pullar heç olur.

Ona görə də mən düşünürəm ki, bu məsələ hər zaman diqqət mərkəzində olmalıdır. Ölkə Prezidenti tərəfindən təqdim edilmiş bu layihə, əlbəttə, qəbul edilməlidir. Düşü­nürəm ki, biz yollarımızı qoruyub saxlamaq üçün bəlkə Ci­nayət Məcəlləsinə də əlavələr etməliyik.  Diqqətinizə görə təşəkkür edirəm.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. İndi səsə qoyarıq. Görək Siyavuş müəllim nə təklif edəcək. Buyurun, Siyavuş müəllim.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də həmkarlarımın dediyi fikirlərlə tam razıyam. Çox vacib və zəruri bir qanundur.

Ölkəmizdə infrastrukturun yaxşılaşdırılması üçün çox böyük işlər gedir – keçmiş İpək Yolunun bərpası ilə bağlı addımlar atılır, yeni yollar çəkilir, körpülər tikilir. İndi bizim beynəlxalq standartlara uyğun yollarımız var.

Amma təəssüflər olsun ki, bəzi avtomobillər normadan xeyli artıq yük götürməklə bu yolların dağılmasına səbəb olur. Xüsusilə İran İslam Respublikasından Azərbaycana da­xil olan yüklərin, demək olar ki, böyük əksəriyyəti maşında göstərilən tonnajdan çox-çox artıqdır. Biz İpək Yolunun həmin maşınlar tərəfindən dağıdılmasının şahidi olmuşuq. Cənub istiqamətində yeni çəkilmiş yollarda hərəkət edən ağır tonnajlı maşınların nəzərdə tutulmuş standartlardan xeyli artıq çəkidə yüklənməsi nəinki həmin yolların dağıl­masına səbəb olur, həm də vətəndaşların sağlamlığı və hə­yatı üçün təhlükə yaradır. Hətta bəziləri maşının kuzasının üstünü bir az da qaldırır ki, ona bir az da artıq yük vursun. Ona görə də dünyanın hər yerində girişdə də, çıxışda da, görürsən ki, yük maşınları üçün müxtəlif çəki normalarını müəyyənləşdirən işarələr qoyublar, əgər hər hansı bir maşının çəkisi normadan artıq olursa, heç onu, ümumiy­yətlə, yola buraxmırlar. Biz də gərək bu sistemə keçək. Ümum­milli liderimizin çox gözəl bir fikri var: “Yol iqtisadiyyat, həyat, həm də mədəniyyət deməkdir”. Ona görə də mən hesab edirəm ki, biz yolların qorunmasına xidmət edən bu qanun layihəsini dəstəkləməliyik. Ziyafət müəllim, bu, hamının ürəyindən olan bir düzəlişdir. Səsə qoyub qəbul eləyə bilərik. Təşəkkür edirəm.

Sədrlik edən. Nə təklif var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

 

Səsvermənin nəticələri  (saat 12.30dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir   101

Nəticə: Qəbul edildi

 

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Məlumat verir Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Arif müəllim, buyurun.

A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri. 

Sağ olun. Ziyafət müəllim, bizim komitə üzrə bir-biri ilə əlaqədar dörd məsələ var. Etiraz etmirsinizsə, mən hamısı barədə birlikdə məruzə edim. Birinci məsələ İsmayıllı ra­yo­nu­nun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edil­məsi barədədir. Layihədə İsmayıllı rayonunun Mican kənd inzibati ərazi dairəsinin İsmayıllı şəhərinin tərkibinə daxil edilməsi və bu kənd inzibati ərazi dairəsinin tərkibindəki kənd­lərin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahid­lərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Növbəti məsələ Gəncə şəhərinin Kəpəz rayonunun inzi­bati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haq­qın­da­dır. Gəncə şəhərinin Kəpəz rayonunun ərazisində faktiki ola­raq beş qəsəbə formalaşıb. Layihədə nəzərdə tutulur ki, bu yaşayış məntəqələri Cavadxan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı adlandırılmaqla, onlara qəsəbə statusu verilsin, hər bir qəsəbənin əsasında inzibati ərazi dairəsi yaradılsın və dövlət reyestrində bununla əlaqədar müvafiq düzəliş edilsin.

Növbəti məsələ Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişiklik edilməsi haqqındadır. Nəzərdə tutulur ki, İlxıçı kəndi Niyazoba bə­lədiy­yəsinin tərkibindən çıxarılıb, İlxıçı Həsən Əfəndi bə­lədiy­yəsinin tərkibinə daxil edilsin. İş burasındadır ki, İlxıçı kəndi coğrafi cəhətdən və insanların əlaqələri baxımın­dan İlxıçı Həsən Əfəndi bələdiyyəsinə daha yaxındır, ondan cəmi 150 metr məsafədə yerləşir. Bu kəndlə Niyazoba bə­lədiyyəsi arasında isə 10 kilometr məsafə var. Təbii ki, bu, İlxıçı kəndində yaşayan sakinlərin həmin bələdiyyənin fəaliyyətində iştirak etməsində müəyyən çətinliklər törədir. Hər iki bələdiyyənin yaşayış məntəqələrində müvafiq yığın­caqlar keçirilib. Əhalinin arzusu ondan ibarətdir ki, İlxıçı kən­di İlxıçı Həsən Əfəndi bələdiyyəsinin tərkibinə daxil edilsin.

Bununla əlaqədar olaraq növbəti qanun layihəsinə görə respublika bələdiyyələrinin siyahısında düzəlişlər edilir. Burada Xaçmaz rayonunun Üryanoba qəsəbəsinin məsələsi də öz həllini tapır. İş burasındadır ki, 2010-cu ilin əvvəlində Üryanoba yaşayış məntəqəsinə kənd statusu verilmişdi. Lakin bələdiyyələrin siyahısında bu, indiyə kimi öz əksini tapmamışdır.

Bu dörd qanun layihəsinin mahiyyəti bundan ibarətdir. Qa­­nun­ların qəbul edilməsi yaşayış məntəqələrində sosial mə­sələlərin həllinə, abadlıq, yenidənqurma işlərinin aparıl­masına təkan verəcək. Sağ olun.

Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Etibar Hüseynov.

E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən diqqət yetirmişəm, bir çox hallarda biz bəzi qanunlara sanki ikinci dərəcəli qanun kimi baxır və səsverməsinə də, müzakirəsinə də bir az səthi yanaşırıq. Dediklərimin sübuta ehtiyacı yoxdur, tabloya nəzər yetirmək də kifayət eləyir. Xüsusilə ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələlərdə mən bunu daha çox müşahidə eləmişəm. Bu yaxınlarda biz, məsələn, Cinli Boluslu kəndinin adını yekdilliklə dəyişdik və oradan “cinli” sözünü çıxartdıq. Təqdimat da belə oldu ki, kəndin camaatı nədənsə “cin” sözündən qorxmağa başlayıb və müraciət edib ki, bu ad dəyişilsin. Biz hamımız bilirik ki, istər böyük şəhər, qəsəbə adı olsun, istərsə də ucqar kənd olsun, ad dəyişəndə eyni xərc çəkilir. Hətta ucqar bir kəndin adı dəyişdiriləndə də rayon büdcəsi miqyasında bura kifayət qədər maliyyə xərclənir. Yəni lövhələr dəyişilir, blanklar dəyişilir, möhür­lər dəyişilir, xəritələr dəyişilir, attestatlar dəyişilir. Bir sıra hallarda şəxsiyyət vəsiqələrində də dəyişiklik edilir. Halbuki bu işlərə çəkilən xərcləri həmin kəndin bir neçə qlobal probleminin həllinə yönəltmək olardı.

Sovetlər dövründən bu tərəfə dünyada bolşevik, inqilabçı adı qalmamışdı, hamısını bizim kəndlərə, rayonlara, sov­xozlara vermişdilər. Bunların dəyişdirilməsi təbii prosesdir. An­caq qədim kənd adlarının bir ucdan dəyişdirilməsinin mən əleyhinəyəm. Çünki kəndin adı nə qədər maraqlıdırsa, qəribədirsə, bir o qədər cəlbedici olur. Həm də adı dəyişəndə biz uzaq gələcəyə hesablayıb dəyişmirik. Cinli Boluslu kəndinin adını dəyişib elədik Boluslu. “Bolus”un özü nədir, bilinmir. Gələcəkdə düşünə bilərlər ki, bolus hər nədirsə, keçmişdə cinli olub. Kim zəmanət verə bilər ki, 5-10 ildən sonra bu camaat müraciət edib deməyəcək ki, “boluslu” sözünü araşdırdıq, bu da “cinli” sözünün bir tayı imiş, gəlin Boluslu adını da dəyişək. Dediyim odur ki, adları dəyişəndə də biz bir qədər uzaq gələcəyə hesablayıb bunu dəyiş­məliyik. Biz yer adlarını dəyişə-dəyişə tariximizi də təhrif etmiş oluruq. Bu gün Azərbaycanın harasına gedirsən, “Yeni həyat”, “Təzə həyat”, “Təzə kənd” və sair kimi adlara rast gəlirsən. Ona görə də mən neçə yüzilliklərdən keçib gəlmiş yer adlarımızın çox asanlıqla dəyişdirilməsinin əleyhinəyəm.

Bir də, hörmətli Arif müəllimdən soruşmaq istərdim ki, bu addəyişmələr hansı qaydalar, prinsiplər əsasında aparılır. Yəni kənd camaatının, rayon camaatının fikri nə dərəcədə öyrənilir, sorğu keçirilir, referendum keçirilirmi? Burada hansısa kənd əhalisinin müəyyən faizinin təklifi, xahişi nə­zərə alınırsa, sabah 3-5 nəfər müraciət edəcək ki, kəndimizin adını dəyişmək istəyirik. Bununla ad dəyişiləcəkmi? Bu məsələdə hansısa meyar, ölçü varmı? Kəndin və ya şəhərin əhalisinin neçə faizi xahiş edəndə bu ərazi vahidlərinin adları dəyişdirilir? Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Arif müəllim, buyurun.

A.Rəhimzadə. Mən demək istəyirəm ki, toponimlərin dəyişdirilməsi ilə əlaqədar Milli Məclisin qanunu var, “İnzi­bati ərazi bölgüsü haqqında” Qanundur. O qanunu oxusanız, yəqin ki, bütün suallarınıza cavab ala bilərsiniz. Mən indi o qanunu şərh edib vaxtınızı almaq istəmirəm. Əlbəttə, mən də yaşayış məntəqələrinin adlarının əsassız surətdə dəyişdiril­məsinin tərəfdarı deyiləm. Ancaq misal üçün, Tovuz rayo­nun­d­a bir kənd var, adı “Aşağı Ayıblı”dır. Əlbəttə, bu, kənd əhalisini əsəbiləşdirir və bu adı dəyişdirməyə ehtiyac var. O ki qaldı Cinli Boluslu, onun tarixi adı dəyişdirilməyib. Bu olub Cenli Boluslu. Qədim zamanlarda o ərazidə cen tayfası olub, sonra “cen”i “cin” yazıblar və bu yazılış nəticəsində belə bir təhrifə yol verilib. Ancaq indi o kəndin tarixi adı özünə qaytarılıb. Buna heç bir etiraz ola bilməz. Sağ olun.

Sədrlik edən. Sağ olun.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Fəzail müəllim, təkid edirsiniz? Buyurun.

F.Ağamalı. Bizim komitədə ad dəyişiklikləri ilə bağlı mə­sələlərə baxılanda hər dəfə bu xarakterli suallar meydana çıxır. Etibar müəllim təzə seçilmiş deputat olduğu üçün sual verdi ki, bunun prosedur qaydası nədən ibarətdir. Bilmirəm, Arif müəllim istəmədi cavab versin, ya unutdu. Əvvəla, ad dəyişmək hər hansı bir fərdin ixtiyarında deyil. Nə depu­tatın, nə də rayon icra hakimiyyəti başçısının belə bir ixtiyarı var. Hətta Prezident Administrasiyası səviyyəsində bu sə­lahiy­yətlərə heç kim malik deyil.

Bunun ümumi qaydası belədir. Kəndin camaatı yığışıb ümumi iclas keçirir. İclasda səsvermə yolu ilə qərar qəbul olunur. Müzakirəyə qoyulmuş məsələdə səs çoxluğu qazanan tərəfin təklifi rayon icra hakimiyyətinə göndərilir. Rayon icra hakimiyyəti sənədləri hazırlayıb Prezident Ad­minis­trasi­yasına göndərir. Orada ciddi surətdə araşdırmadan sonra məsələyə Toponimiya komissiyası baxır. Əgər bu ko­mis­siya müvafiq toponimlərlə bağlı təklif olunan dəyişikliyi məqbul hesab edirsə, göndərilən sənədlər oradan bizim ko­mi­təyə, yəni Regional məsələlər komitəsinə gəlir. Burada da ciddi müzakirələr gedir. Əgər komitəyə daxil olmuş sənədlər prosedur qaydalara riayət olunmaqla bizə göndərilibsə, onları qəbul edir və məsələni Milli Məclisin müzakirəsinə çıxarırıq.

Əlbəttə, hər kəs istəyir ki, elə köhnə adlar qalsın. Burada bir məqam var. Deyək ki, kim isə vaxtikən oğlunun adını Allahqulu qoyub. İndi o Allahqulunun nəvəsi öz babasının adını yaşatmaq üçün uşağının adını Allahqulu qoyur. Bu uşaq da orta məktəbdə... Üzr istəyirəm, ola bilsin, kiminsə bu adda adamı var. Bu gün müasir adlar qoyulur. Hökmən deyil ki, kiminsə xatirəsini əbədiləşdirmək üçün sən də körpənə Allahqulu adı qoyasan. Azərbaycanda onsuz da belə adlar kifayət qədərdir.

Bizimlə bir tələbə oxuyurdu, Tovuzun həmin kəndindən idi. Biz onun adını “Nijnıy Pozor” qoymuşduq. Yazıq elə həmişə kəndinin adını çəkəndə biz ona “Nijniy Pozor”  deyirdik.

Gördüyünüz kimi, bu adların dəyişdirilməsi kifayət qədər müxtəlif mərhələlərdən keçir. İndi isə bu məsələ bizim hör­mətli həmkarların ixtiyarındadır, səs verərlər, qəbul edil­ər, səs verməzlər, geri qaytarılar. Diqqətinizə görə təşək­kür edirəm.

Sədrlik edən. Yaxşı, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.42 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  102

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Biz İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə səs verdik. İndi Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi böl­gü­sün­də qismən dəyişikliklər edilməsi haqqında qanun layi­hə­si­nə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.43 dəq.)

Lehinə  94

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  94

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bə­lə­diy­yələrinin tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.44 dəq.)

Lehinə  98

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

9-cu məsələ. “Bələdiyyələrin əraziləri və torpaqları haq­qın­da” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azər­baycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişik­liklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, mü­nasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.45 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir   98

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ. Hərbi vəzifə və hərbi xidmət haqqında Azər­baycan Respublikası qanununun layihəsi. İcazənizlə bu ba­rədə mən məruzə edim.

Hörmətli sədarət, hörmətli deputatlar, dəvət olunmuş şəxslər, mətbuat nümayəndələri! Azərbaycan Respublika­sı­nın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tə­rəfin­dən Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsində nəzərdə tutulmuş qanunvericilik təşəbbüsü hü­qu­quna uyğun olaraq Hərbi vəzifə və hərbi xidmət haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilmişdir.

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsində deyilir: “Bu Qanun Azər­baycan Respublikası Konstitusiyasının 94-cü mad­dəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respubli­ka­sının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetiril­məsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.

Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azər­baycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respubli­kasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət­dir”.

Bu gün ordu quruculuğu və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində aparılan islahatlar, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Vətəni­mizin müdafiə qabiliyyətinin artırılması daim diqqət mər­kəzin­dədir. Hazırda ordu quruculuğu və müdafiə sahəsinə büdcədən ayrılan vəsait hesabına ordumuzun maddi-texniki və silah-sursat təchizatı gücləndirilir. Müdafiə sənayesi kompleksi ordumuz üçün zəruri olan bir çox silah növləri istehsal edir. Bu gün silahlı qüvvələrimiz yüksək döyüş qabiliy­yətinə, mənəvi-psixoloji durumuna və intizamına görə hər hansı bir hərbi təcavüzün qarşısını almaq iqtidarın­dadır.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haq­qın­da” Qanunda deyilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin si­lahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alın­masına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir.

Bu gün əlverişli və eyni zamanda, mürəkkəb və təhlükəli geosi­yasi məkanda və əhatədə yerləşən Azərbaycan Res­publi­kasının Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ordu quruculuğu sahəsindəki siyasətin əsas məqsədi ölkəmizə qarşı edilə biləcək hər hansı hərbi təcavüzün qarşısını almaq və vətənimizin etibarlı müdafiə­sini təmin etməkdən ibarətdir. Bu yaxınlarda ABŞ-da çıxan nüfuzlu hərbi nəşrdə hərbi ekspertlərin Azərbaycan ordu­su­nun bütün parametrlərinə və göstəricilərinə görə Ermənistan ordusundan üstün olduğu qənaətinə gəldikləri bildirilmişdir.

Ordu quruculuğunun ən vacib və mühüm şərtlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin hüquqi bazasının daha da gücləndirilməsinə xidmət edən normativ hüquqi aktların, sənədlərin qəbul edilməsidir. İndiyə qədər bu sahədə xeyli qanunlar qəbul olunsa da, qəbul edilmiş bir sıra qanunların bəzi müddəaları artıq müasir tələblərə cavab vermir.

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Res­publi­kası qanununun qəbul olunması hansı zərurətdən irəli gəlmişdir? Bunu bir sıra səbəblərlə izah etmək olar. “Azər­baycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul olunmuş və sonrakı illərdə həmin qa­nun­lara bir sıra əlavə və dəyişikliklər edilsə də, bu qanunların bir sıra müddəaları artıq köhnəlmişdir. Digər tərəfdən, Azər­baycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul olunduğundan yeni qanun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə uyğunlaş­dı­rıl­­malıdır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz in­ki­şa­fı­nın elə bir mərhələsinə qədəm qoymuşdur ki, bu zaman ye­ni reallıqlar hökmən nəzərə alınmalıdır. Yeri gəlmişkən, həm də onu deyim ki, bizim hazırda qüvvədə olan “Azər­bay­can Respublikasında hərbi çağırışın əsasları haqqında” Qa­nun, əslində, elə “Hərbi xidmət haqqında” Qanunun tər­kib hissəsidir. Yeni layihədə, eyni zamanda, kursantların sta­tu­su və gender bərabərliyi məsələsi də öz əksini tapmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təq­dim olunan Hərbi vəzifə və hərbi xidmət haqqında Azər­bay­can Respublikası qanununun layihəsi 9 fəsil və 54 mad­dədən ibarətdir. Qanun layihəsinin “Ümumi müddəalar” adlanan I fəslində hərbi vəzifə və hərbi xidmət haqqında qa­nun­vericilik, bu qanunda istifadə olunan əsas anlayışlar, Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət məsələləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş vətən­daş­l­ar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hər­bi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hal­larda həqiqi hərbi xidmət alternativ xidmətlə əvəz edilə bilər.

Qanun layihəsinin II fəsli vətəndaşların hərbi qeydiyyatı məsələsinə həsr olunmuşdur. Həmin fəsildə vətəndaşların hərbi qeydiyyatının təşkili, ilkin hərbi qeydiyyata alma komissiyalarının vəzifələri, vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri öz əksini tapmışdır.

Qanun layihəsinin III fəsli gənclərin hərbi xidmətə hazırlanması məsələlərinə həsr olunmuşdur. “Çağırışa­qədər­ki hazırlıq” adlı 9-cu maddədə qeyd olunur ki, Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq – müdafiə sahəsin­də ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə ha­zır­lıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümu­mi təhsil ilk peşə-ixtisas və orta ixtisas təhsili müəs­sisələrində keçirilir. Bu fəsildə çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması, ali təhsil müəssisələri tələb­ə­ləri­nin zabit hazırlayan xüsusi proqram üzrə hərbi hazırlığı mə­sə­lələri öz əksini tapmışdır.

Qanun layihəsinin IV fəsli həqiqi hərbi xidmətə çağırış məsələlərini özündə əks etdirir. Azərbaycan Respublikası Si­lah­lı Qüvvələrinin şəxsi heyətinin komplektləşdirilməsi üsul­larına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətə bö­lünür. Müddətli hərbi xidmətə Azərbaycan Respubli­ka­sı­nın 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xi­d­mə­tə yararlı olan, çağırışa möhlət hüququ olmayan və çağ­ı­rış­dan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin hə­qi­qi hərbi xidmətinə isə müddətli həqiqi hərbi xidmət keç­mə­miş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ ol­ma­yan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabi­t­lər çağırılırlar. Məlum olduğu kimi, Azərbaycan Res­publi­ka­sın­da vətəndaşların müddətli həqiqi hərbi xid­mətə çağırışını keçir­mək üçün  yerlərdə çağırış komis­siyaları yaradılır. Qa­nun layihəsində ilk dəfə yenilik kimi yerli və mərkəzi çağırış ko­missiyalarının vəzifələri və səlahiyyətləri dəqiq müəyyən olunmuşdur.

Son zamanlar mətbuatda və bütövlükdə cəmiyyətdə müddətli hərbi çağırışa möhlət verilməsi və çağırışdan azad etmə məsələsi geniş müzakirə olunmaqdadır. Yeni qanun layihəsində həmin məsələlərə aydınlıq gətirilmişdir. Qanun layihəsinin V fəsli “Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə” adlanır. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ailə vəziyyətinə görə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün. Qanun layihəsinin 21-ci maddəsinə görə, ali təhsil müəssisələrində əyani təhsil alanlara, eləcə də ali baza tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan çağırışçılara möhlət hüququ verilir. Bu müddəa xaricdə əyani təhsil alan çağırışçılara da şamil edilir. Ali təhsil müəssisələrindən xaric olunmuş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüququnu itirirlər.

Son zamanlar geniş mübahisə və diskussiyalara səbəb olan daha bir mühüm məsələyə qanun layihəsində aydınlıq gətirilmiş­dir. Belə ki, ali məktəblərin magistr pilləsində təhsil alan magistrantlara hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi nəzərdə tutulmamışdır. Bu da ondan irəli gəlir ki, ölkəmiz Ermənistanla müharibə vəziyyətində olduğundan silahlı qüvvələrimizin şəxsi heyətinin komplekt­ləş­dirilməsi son dərəcə vacib məsələlərdəndir.

Qanun layihəsinin VI və VII fəsilləri hərbi xidmət məsələlərinə həsr olunmuşdur. Hərbi xidmət həqiqi hərbi xid­mət­dən və ehtiyat xidmətdən ibarətdir. Qanun layi­hə­sin­də həqiqi hərbi xidmətin növləri aşağıdakı kimi müəyyən olunur: müddətli hərbi xidmət, xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının həqiqi hərbi xidməti, müddətdən artıq həqiqi hərbi xidmət, gizirlərin və miçmanların həqiqi hərbi xidməti, zabitlərin həqiqi hərbi xidməti. Qanun layihəsində hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantların statusu məsələsinə də tam aydınlıq gətirilmişdir.

Müharibə şəraitində olan ölkəmizdə ordunun ehtiyat hissələrinin formalaşdırılması çox mühüm və vacib mə­sələlərdən biridir. Dünyanın bir çox ölkələrində, o cümlədən postsovet ölkələrində ehtiyat xidməti məsələlərinə xüsusi önəm verilir. Müharibə vəziyyətində olduğumuz Ermənis­tanda və eləcə də Gürcüstanda bu məsələlər xüsusi diqqət mərkəzindədir. Qonşu Rusiya Federasiyasında ehtiyat hazırlığı sahəsindəki təcrübədən də faydalanmaq, zənnimcə, yerinə düşərdi.

Qanun layihəsinin VIII fəsli ehtiyatda xidmət məsələ­lərinə həsr olunmuşdur. Layihədə qeyd olunur ki, həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər ehtiyata keçirilirlər. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıl­ma­sı anından hesablanır. Qanun layihəsində ehtiyatda olmağın son yaş həddi və dərəcələri də müəyyən olunmuşdur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi yoxlanışlara çağırılırlar. Layihədə hərbi təlim toplanışına çağırılanlar üç dərəcəyə bölünmüş və onların təlim keçmə müddətləri müəyyən olunmuşdur. Föv­qəladə vəziyyət şəraitində hərbi vəzifəlilər 3 ay müddətinə xü­susi toplanışlara çağırıla bilərlər. Ehtiyatda olarkən top­lanış­larda olmağın ümumi müddəti 18 aydan çox olma­malı­dır. Qanun layihəsində toplanışdan azadetmə məsələlərinə də tam aydınlıq gətirilmişdir. Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə növbəti hərbi rütbələr verilir.

Qanun layihəsinin IX fəsli “Yekun müddəalar” adlanır. Bu fəsildə hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı təd­bir­lərin maliyyə və maddi təminatı məsələləri, o cümlədən hə­qiqi hərbi xidmətə çağırılmış vətəndaşların, hərbi xid­mətin və toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı məsələləri öz əksini tapmışdır. Qanun layi­həsinin sonuncu maddəsində qeyd olunmuşdur ki, bu qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respubli­kasın­da hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xid­mət haqqında” Azərbaycan Respublikasının qanunları ləğv edilir.

Bütövlükdə qanun layihəsi üzərində iki ilə yaxın iş getmişdir. Milli Məclisin müzakirəsinə təqdim olunan Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qa­nu­nunun layihəsi istər konseptual, istərsə də elmi-nəzəri baxımdan mükəmməl qanun layihəsidir. Deputat həmkar­larımızı Hərbi vəzifə və hərbi xidmət haqqında qanun layihəsinin müzakirəsində yaxından iştirak etməyə və ona səs verməyə dəvət edirəm.

Hörmətli deputatlar, bir məsələni də diqqətinizə çatdırım. Əgər fikir verdinizsə, mən məruzəmdə məxsusi olaraq möh­lət məsələlərinə çox geniş yer ayırmadım. Bu da ondan irəli gəlir ki, magistrantlara və çoxuşaqlılara möhlət verilməsi, illik çağırış dövrlərinin dörddən ikiyə endirilməsi məsələləri bu gün bu qanunun müzakirə obyekti deyil. Niyə? Çünki biz bu yaxınlarda “Təhsil haqqında” Qanun qəbul etdik. “Təhsil haqqında” Qanunda bu məsələlər geniş müzakirə olundu və belə qərara alındı ki, bu qanun qəbul olunduqdan sonra artıq müəyyən təkliflərlə çıxış etmək olar. Gələcəkdə bu məsə­lələrə baxıla bilər. Amma hazırda, – mən bir daha təkrar edirəm, – bu qanunu qəbul etməklə biz əvvəlki iki qanunu birləş­dirir və eyni zamanda, onları 1995-ci ildə qəbul edil­miş Azərbaycan Respublikasının ilk milli Konstitusi­yasına və Konstitusiyadan irəli gələn digər qanunvericilik aktlarına uyğunlaşdırırıq.

Prezident Administrasiyasının, Milli Məclisin və Müdafiə Nazirliyinin müvafiq qurumlarının əməkdaşları bu qanun layihəsi üzərində, qeyd etdiyim kimi, 2 ilə yaxın səylə çalış­mış, xeyli iş görmüşlər. Mən fürsətdən istifadə edib onlara öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Zahid Oruc.

Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də hörmətli Ziyafət müəllimin mövqelərini bölüşərək hesab edirəm ki, bu qanunun qəbul olunması Azərbaycanda ordu quruculuğunun və hərbi münasibətlər sisteminin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcəkdir. Xüsusilə də, qeyd olunduğu kimi, keçmiş qanunların Konstitusiyadan öncə qəbul edildiyini nəzərə alsaq, etiraf etməliyik ki, bu qanunların Konstitusiyanın tələblərinə uyğunlaşdırılmasına, həqiqətən, ehtiyac var. Lakin ikinci zərurəti mən xüsusi vurğulamaq istəyirəm. Bu da ötən dövr ərzində Azərbaycanın beynəlxalq hərbi əlaqələrinin güclənməsidir. Yəni Azərbaycan öz silahlı qüvvələrini keçmiş sovet stereotipləri, sovet hərb qanunları ilə formalaşdıra bilməz. O beynəlxalq əlaqələr özlüyündə həm də müəyyən öhdəliklər deməkdir və o hərbi standartların bizim hərbi hüquq, hərbi münasibətlər sisteminə gətirilməsi də son dərəcə faydalıdır. Çünki müasir təhlükəsizlik sistemləri, müasir ordu quruculuğu, Avropanın ən qabaqcıl orduları məhz dediyimiz modellərə söykənir.

Bu nəzəri fikirdən sonra qanunun fəsilləri üzrə məni düşündürən bir neçə məqama yer vermək istərdim. Birincisi hərbi uçotla bağlı məsələdir. Mən bunu komitədə də qeyd elədim. Şübhəsiz ki, orduya çağırış, orduda xidmətkeçmə və sonra da silahlı qüvvələrdə pillələrlə irəliləmə məhz bundan başlayır. Yeri gəlmişkən, vurğulayım ki, bu layihə hazırla­narkən Rusiyanın eyni adlı sənədindən də xeyli dərəcədə istifadə olunmuşdur. Bu normal haldır, dünyada hüquq sistemi, hüquqi münasibətlər oxşardır, yaxındır. Ona görə də belə praktika qeyri-adi qarşılanmamalıdır. Amma Rusiyanın həmin qanunvericilik aktında hərbi uçotla bağlı sənədlər beş kateqoriya üzrə müəyyənliyini tapıbdır. Nədənsə bu layihədə o unudulubdur. Yəni çox sadə dildə desəm, həmin o beş kateqoriya tam hərbə yararlı, mövsümi yararlı, məhdud yararlı və sair kimi aralıq mərhələlərdən ibarətdir. Mən bunu həm də ona görə vurğulayıram ki, hərbi qeydiyyata alınmada ilk dövrdə nöqsanlar, sağlamlıq vəziyyətinə görə problemlər sonra hərbidə müəyyən itkilərimizə səbəb olur ki, bu da ordunun ümumi keyfiyyətinə, gücünə təsir göstərir. Ordu sağlam insanların xidmət etdikləri məkandır. Mülki həyatda insanlar Allahın verdiyi bir həyatı yaşayırlar. Onların həyatı itə də bilər, amma ordu sağlamlıq  vəziyyətinə görə ən yüksək   durumda olanların xidmət yeridir.

İkinci məsələ. Rusiyanın müvafiq qanunvericilik aktında icbari hərbi hazırlıq məsələsinə kifayət qədər geniş bir fəsil həsr olunub. Niyə mən bunu vurğulayıram? Ötən dəfə də komitədə dedim ki, Rusiyanın özündə də bu gün 33-35 faizə qədər insanın orta savaddan da aşağı savad almasına baxmayaraq, hərbi xidmətə hazırlıq orta məktəbdən başlayır. Ona görə də bu sistemdə biz ciddi standartlar müəyyənləş­dir­məliyik. Elə etməliyik ki, hərbi hazırlıq dərsləri digər dərslər qədər çox önəmli olsun. Daha biz ali hərbi məktəbə 150, yaxud 170 bal toplayanları qəbul etməyək. Çünki bu savad göstəricisi sonra orduda intellektual potensiala mənfi təsir göstərmiş olur.

Üçüncü məsələ hərbi çağırış komissiyaları ilə bağlıdır. İş elə gətirib ki, hörmətli Əliağa müəllim Hüseynov uzun müddət bu quruma rəhbərlik etdikdən sonra indi artıq parlament üzvünə çevrilib. Qeyd edim ki, indi o qurumun statusu mənim üçün son dərəcə qeyri-müəyyəndir. Mənə elə gəlir ki, başqaları üçün də həmçinin. Çünki cənab Prezident Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsini yaratdı ki, insan amili ortadan götürülsün və məsələlər konkretləşmiş qaydada həyata keçirilsin. Bu halda komissiyaların və həmin idarənin statusu qeyri-müəyyən qalır. Mənə elə gəlir ki, o qeyri-müəyyənliyə bu qanunda aydınlıq gətirilə bilər.

Hörmətli Ziyafət müəllim öncədən qeyd etdi ki, hərbi möhlətlə bağlı məsələlərə geniş yer verilməsin, çünki bu qanunun hədəfi, təyinatı ayrıdır. Amma mən bir məsələyə bir daha qayıtmaq istəyirəm. Bu da ondan ibarətdir ki, 1988–1994-cü illərdə ailə quranların az olması səbəbindən 2006–2012-ci illərdə dünyaya gəlmiş oğul övladlarımızın da az olması ordunun komplektləşdirilməsində çətinlik yarada bilər. Bu halda, heç olmasa, müəyyən ixtisaslar üzrə təhsil alanlara, – necə ki, bunu Misir Mərdanov dilə gətirdi, – fərdi istedadlara malik olanlara, olimpiada qaliblərinə və digər  istedadlı gənclərimizə bu hüquq tanınsın. Mən artıq vur­ğu­la­ma­yacağam ki, alimlərimiz qocadır, – bunu dəfələrlə demişik, – onların  orta yaş həddi 40-dan yuxarıdır.

Gənc alimləri stimullaşdırmaq lazımdır. Deyilir ki, 1 il xidmət onları elmdən ayırır. Mən Türkiyə modelini təklif etdim. 4 ay, 6 ay xidmət dövrü seçilsin. Belə şey praktikada var. Bu da qəbul olunmursa, heç olmasa, fərqli istedadlara bu hüquq verilsin. Azərbaycanın buna ehtiyacı var, çünki elm özü də səngərdir, elm özü də bir döyüş məkanıdır, elm özü də təhlükəsizlik komponentidir. Hərbi doktrinamızda elm təhlükəsizlik komponenti kimi göstərilib. Yəni bu gün döyüşən təkcə ordular deyil, beyinlərdir. Rusiya silah satışından 32 milyard dollar pul qazanır. Onu hərəkətə gə­tirən beyindir. Ona görə düşünürəm ki, qanun layihəsini irəli sürən təşəbbüs subyekti ilə bu məsələlərlə bağlı bir daha danışıq aparmağa ehtiyac var.

Sonuncu təklifim. Mən komitədə də dedim, hərbi məcəl­lə­nin qəbuluna ehtiyac var. Hərbi  sistemdə bir unifikasiya apar­maq və vahid sənəd qəbul etmək çox faydalı olardı. Mən düşünürəm ki, bütün bu təkliflər nəzərə alınmaqla qa­nu­nun qəbul edilməsi işimizin xeyrinə olacaq. Mən de­di­yi­miz istiqamətdə təkmilləşdirilmiş qanuna səs verəcə­yəm. Sağ olun.  

Sədrlik edən. Sağ olun.  Mən də  hesab edirəm ki, bu birinci oxunuşdur, konseptual yanaşma olmalıdır. 25 nəfər millət vəkili yazılıb, 5 dəqiqəyə keçirik. Etiraz yoxdur?  Buyursun Qüdrət Həsənquliyev.

Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məsələ ilə əlaqədar olaraq ilk öncə Ziyafət müəllimin dediyi bir fikrə münasibət bildirmək istəyirəm.

Biz tez-tez vurğulayırıq ki, bu gün Azərbaycanda torpaq­larımızı azad etmək iqtidarında olan ordumuz var. Mən hesab edirəm, bu kimi fikirlər səsləndirilərkən vəziyyəti bir qədər izah etmək lazımdır. Çünki Azərbaycan xalqı haqlı olaraq soruşa bilər ki, bəs onda niyə bu ordumuz torpaq­larımızı azad etmir? 20 ildir torpaqlarımız işğal altındadır, 1 milyon qaçqınımız var, o qaçqınların böyük əksəriyyəti bu gün də ağır vəziyyətdə yaşayır. Məgər bu ordu xalqın düşmənidir? Bu ordunu biz onda nə üçün bu qədər  vəsait ayırıb saxlayırıq?

Deyilməlidir ki, bəli, Ermənistanla biz baş-başa qalsaq, bizim ordumuz, həqiqətən də, torpaqlarımızı azad edə bilər. Amma bizim böyrümüzdə müsəlman həmrəyliyindən danışıb, müsəlman xalqların təəssübkeşi kimi çıxış edən İran var. İran həmin o işğalçı Ermənistana hər cür hərbi, iqtisadi, siyasi dəstək verir. Müsəlman həmrəyliyindən danışan İran bizim məscidlərimizi donuzxanaya çevirən ermənilərə dəstək verir, qadınlara, uşaqlara, qocalara aman verməmiş ermənilərlə hər cür iş birliyindədir. Deyilməlidir ki, bizim qardaş dediyimiz Türkiyə həmin bu işğalçı Ermənistanla ticarət dövriyyəsini 300 milyon dollara çatdırıb. Qardaşımız olsa da, bu deyilməlidir. Deyilməlidir ki, bizim böyrümüzdə böyük Rusiya var, Ermənistanın hərbi, siyasi müttəfiqidir. Ermənistanda onun böyük hərbi bazaları var. Onun köməkliyi ilə torpaqlarımız işğal olunub. Biz isə həmin Rusiyaya bu gün Qəbələdə yeni RLS tikməyə şərait ya­radırıq. Bu, başa düşülməyən bir yanaşmadır.

Bütün bunlar barədə Azərbaycan xalqına, ictimaiyyətinə geniş  açıqlama verilməli və deyilməlidir ki, biz nəyə görə bu gün hələlik risk edib torpaqlarımızı azad etmirik. Amma günün bir günü bunu edəcəyik.

Müzakirə olunan qanun layihəsi ilə bağlı onu demək istəyirəm ki, torpaqlarımızın azad ediləcəyi həmin günün yaxınlaşdırılması üçün hərbi sistemdə ciddi islahatlar aparılmalı, yavaş-yavaş peşəkar orduya keçilməlidir. Atıcı silahlar istisna olunmaqla, avtomobillərdən, aviasiyadan və digər texnikadan istifadə edən bütün hərbçilərimiz ancaq peşəkarlar olmalıdırlar. Atıcı silahlardan istifadə olunması üçün isə, mənə elə gəlir ki, maksimum hərbi xidmətdə olma müddəti bir il altı aydan bir ilə endirilməlidir.

Magistraturaya daxil olanlar, ümumiyyətlə, bütün tələbələr təhsildə fasiləsizliyi təmin etmək üçün hərbi xidmətə çağırılmamalıdırlar. Rusiyanın bazarlarında bizim peşəkar hərbçi olmaq istəyən o qədər gənclərimiz var ki, orada qul kimi fəaliyyət göstərirlər. Onlar orduya cəlb edilməli, onlara yaxşı maaş verilməlidir. Bundan başqa, ordunun təchizatı gücləndirilməli, Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmləndirilməlidir.

Burada Müdafiə Nazirliyinin əməkdaşları əyləşiblər. Onlara üzümü tutub deyirəm, orduda qeyri-döyüş şəraitində ölənlərin sayının həddindən çox olması Azərbaycan xalqını ciddi narahat edir. Bu sizi də narahat etməlidir.

Mən belə düşünürəm ki, Silahlı Qüvvələrimizin bir hissəsini peşəkar orduya çevirsək... Hərçənd ki, bununla bağlı müəyyən narahatçılıqlar var. Guya peşəkar orduların olduğu ölkələrdə tez-tez hərbi çevrilişlər olur. Hərbi çevrilişlər azad olmayan, qeyri-demokratik, qanunların aliliyini tanımayan ölkələrdə baş verir. Biz, şükür Allaha, demokratik dövlət qururuq və ölkəmizdə belə bir təhlükə də, mən hesab edirəm ki, yoxdur. Azərbaycanın da iqtisadi gücü var ki, peşəkar ordu saxlaya bilsin.

Yüngül atıcı silahlardan istifadə etməyi  əsgərlər 1-2 ay ərzində öyrənə bilirlər. Bundan başqa, ali təhsilli şəxslər daha qısa müddətdə qulluq edə, hərbi xidməti daha tez başa vura bilərlər. Bu şəxslər hətta Türkiyədə olduğu kimi, pul ödəməklə hərbi xidmətə getməyə də bilərlər ki, bu da ordu üçün əlavə təchizat məsələlərini həll edə bilər.

Bir də, orduya çağırışla bağlı. Ziyafət müəllim, biz bu qanunu qəbul ediriksə, bu məsələlərin hamısını  müzakirə etməliyik. İldə iki çağırış, mənə elə gəlir, daha əlverişlidir. İctimaiyyətdə də bu fikir var. Orduya indiki kimi, ildə dörd dəfə çağırış olmasın, iki dəfə çağırış olsun.

Bir də, hərbçilərin maaşlarının artırılması məsələsinə diqqət yetirilməlidir. Bu gün orduda əmək haqqı həddindən artıq aşağıdır. Bakının küçələrində “BMV” maşınında gəzən serjant Kəlbəcərdə dağın başında dayanmış əsgərdən bəzən iki dəfə çox əmək haqqı  alır. Ona görə də istənilən hərbi xidmətdə minimum əmək haqqı orta əmək haqqının ən azı iki misli qədər...

Sədrlik edən. Sağ olun.  Əhməd Vəliyev, buyurun.

Ə.Vəliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Hesab edirəm ki, müzakirəmizə təqdim olunan Hərbi vəzifə və hərbi xidmət haqqında qanun layihəsi çox yüksək səviyyədə hazırlanıb, günün tələbinə tam cavab verir. Mən bir təhsil işçisi olaraq bəzi məqamlara toxunmaq istərdim.

Ziyafət müəllim burada qeyd etdi ki, müharibə vəziyyətində olduğumuza görə magistraturadan hərbiyə aparılma məsələsi öz həllini tapmır, gələcəkdə bu məsələlərə baxılacaq. Statistikaya bir nəzər salmaq lazımdır. 2008-ci ildə magistraturaya 3142  nəfər tələbə qəbul olunub, onun 1598 nəfəri oğlandır. 2009-cu ildə  qəbul olunan 3830 nəfərdən 1722 nəfəri, yəni 45 faizi oğlanlardır. 2010-cu ildə də bu rəqəm 45 faiz, 2011-ci ildə isə təxminən 40–42 faiz təşkil etmişdir. Düşünürəm ki, hərbinin özü də təhsili yüksək olan əsgərlərdən ibarət olsa, daha yaxşı olar.

Bu gün, demək olar ki, təhsillə bağlı dövlətin üzərinə düşən bütün işlər yerinə yetirilib. Təhsilin maddi-texniki bazası yüksək səviyyədədir və metodiki, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təminatı tamamilə öz  həllini tapıb. Təhsildə olan problem yalnız kadr məsələləri ilə bağlıdır. Biz hər dəfə qeyd edirik ki, bu problemi həll etsək, yüksək  səviyyəli kadr hazırlığının aparılmasını təmin etmiş olarıq. Ölkə Prezidenti də bu istiqamətdə çox böyük işlər görür. Azərbaycan Respublikasının Prezidenti tərəfin­dən təhsil strategiyası müəyyənləşib və artıq Azər­baycan gənclərinin xarici ölkələrdə təhsil alması məsələsi öz həllini tapıbdır. Eyni zamanda, gənc alimlərin xarici ölkələrin aparıcı elm mərkəzlərində doktorantura keçmələri ilə bağlı məsələ də həll edilib. Sadəcə olaraq, bu gün Azərbaycanda fəaliyyət göstərən universitetlərdə kadrlarla bağlı problem magistraturadan hərbiyə aparılma ilə bağlıdır.

Ziyafət müəllim uzun müddət təhsil sahəsində fəaliyyət göstərən insandır, alimdir. Mən hesab edirəm ki, o da təhsildə olan problemləri mənim qədər çox gözəl bilir. Təbii ki, təhsil sahəsində müəyyən məsələlərin həllinin ləngiməsi 10 illərlə geri düşmək deməkdir. Təhsildə olan problemin həllini 1 il sonraya saxlamaq nə  dərəcədə səmərə verər? Mənə elə gəlir ki, bunu nəzərə alsaq, yaxşı olar.

Bu gün təhsilimizin, ümumiyyətlə, xırda problemləri var. Ha­mımız fikirləşirik ki, ordumuzu gücləndirməliyik. Mən də dü­şünürəm ki, magistrlərin hərbi xidmətə aparılması bu mə­sələyə o qədər də təsir göstərmir. Mən bir təhsil işçisi kimi bu cür qiymətləndirirəm. Düşünürəm ki, bu gün təhsildə kadr problemləri və balansın pozulması ordumuzun zə­iflə­məsinə, ümumiyyətlə, bütün sahələrə öz təsirini göstərir.

Bu gün kadr potensialına fikir versək, görərik ki,  universitetlərdə qadın müəllimlər 70-in 30-a nisbətində üs­tünlük təşkil edirlər. Oğlanların müəllim kimi fəaliyyət gös­tər­məsi daha məqsədəmüvafiqdir, nəinki qızların. Biz auditoriya üçün mütəxəssisləri yenidən hazırlayırıq. Xərc, əziy­yət çəkirik ki, onlar bir müəllim  kimi formalaşsın, auditoriyaya girsinlər. Bir neçə müddətdən sonra, təbii ki, onlar ailə qururlar və övladla bağlı sosial məzuniyyətə...

Sədrlik edən. Çox sağ olun.  Siyavuş Novruzov.

S.Novruzov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cənab Sədr, doğrudan da, təqdim olunan qanun layihəsi çox vacibdir. İki qanunun birləşməsi Azərbaycanda hərbi sahədə gedən islahatları əks etdirir. Yeni qanun layihəsi Azərbay­canda aparılan hərbi siyasətin əsas bazasını təşkil edir. Ziyafət müəllim bu sənədin Konstitusiyaya uyğunluğu və digər məsələlərlə bağlı ətraflı danışdı. İstər çağırışla, istərsə də hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı müəyyən boşluqlar var idi. Ancaq yeni qanunda bunlar artıq aradan qalxıbdır. Komitədə də müzakirə zamanı müəyyən məsələlər ortaya çıxmışdı ki, bunlar da ümumi qaydada həll edildi. Konseptual baxımdan qanun çox vacibdir və deputat həmkarlarımı bu qanun layihəsinə birinci oxunuşda səs verməyə çağırıram.

Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə də müəyyən müzakirələr gedir. Milli Məclisdə də bununla bağlı fikirlər söylənildi. Qanunun bütün tərəfləri insanları qane edir. Burada müzakirələrə səbəb olan bir neçə məsələ var ki, onlardan biri də magistratura ilə bağlıdır. Həmkarlarım bəzi məsələləri qeyd etdilər. Hesab edirəm ki, bunun elmin zəifləməsi ilə əlaqələndirilməsinin heç bir əsası yoxdur. Gəlin, hesablayaq, görək magistraturada oxuyan oğlanların neçə faizi elmlə məşğuldur? Statistikaya baxsaq, heç 3 faiz etmir. Yəni 1700–1800 nəfərdən cəmi 3–5-i elm dalınca gedir. Qalanları vergidə, gömrükdə, başqa-başqa sahələrdə iş axtarırlar. Əgər onlar elm dalınca gedəcəklərsə, biz bu məsələyə ikiəlli razıyıq.

Magistratura hələ elmlə məşğul olmaq demək  deyil. Doktoran­turadırsa, artıq məlum məsələdir ki, bu insan elm dalınca gedir,  doktorluq işi ilə məşğul olur və sair. Magistratura ikinci pilləli bir məsələdir. Bunu da nəzərə almaq lazımdır.

İkinci tərəfdən, bizim ordumuz elə savadsızlardan ibarət olmalıdır? Əgər bu savadlıdırsa, yaxşı insandırsa, getsin, 18 yaşında uşaqlara bir təlim-tərbiyə versin, onlar da Azər­baycan  xalqının övladlarıdır. Bu gün qeyd olundu, or­du kompüter sisteminə keçir, yeni texnologiya tətbiq olunur. Hörmətli Qüdrət müəllim dedi, artilleriya qurğularını öyrənmək üçün 6 ay oxumaq lazımdır. Artilleriya, havadan müdafiə, lokator sistemləri  tamamilə yenidir. Bunun öyrənilməsi üçün 3–4 ay vaxt lazımdır. 3 aydan sonra da bunu evə burax ki, sən öyrəndin, qurtardın, indi təzəsi gəlsin? Yox. Mən hesab edirəm ki, bunu ciddi şəkildə araşdırmaq lazımdır.

Təbii ki, savadlı kadrlara ehtiyac var. Bir nümunə göstərməlidir. Kim deyirsə ki, orduya gedəndə elm yaddan çıxır, mən hesab edirəm, – təbii ki, fasilə ola bilər, – o, səhv fikirdədir. Elm dalınca getmək istəyən gecə də gedir, gündüz də – harada olsa, gedir. Əsgərlik bir kişilik məktəbidir. Əgər kişilik məktəbi keçməyibsə, hansı elmlə məşğul ola bilər? Sabah xarici ölkəyə gedəndə xarici kəşfiyyatın təsiri altına düşən birinci insan o olacaq. Evdə böyüyüb, ev uşağıdır, aparıb yeni bir mühitə ötürürlər. Bura düşən kimi tamamilə özünü itirir. Elm də yaddan çıxır, vətənpərvərlik də, digər məsələ də. 

Bəli, biz xaricdə təhsil alan, xüsusi istedadı olan, bir neçə olimpiadada qalib gələn gəncləri qeyd eləmişik. Gələcəkdə Azərbaycan üçün yaxşı mütəxəssis ola biləcək bu insanların siyahısı müvafiq orqan tərəfindən hazırlanıb çağırış komissiyasına təqdim oluna bilər. Əgər çağırış komissiyası məsləhət bilərsə, buna möhlət hüququ verər. Digər hallarda Azərbaycan vətəndaşı olan istənilən 18 yaşına çatmış oğlan uşağı xəstəliyi və sair yoxdursa, hərbi xidmətdə olmalıdır. Hərbi xidmətə çağırışın 4 dəfə olması və 35 yaş məsələsi, demək olar ki, Azərbaycanda çağırışdan yayınmanın qarşı­sı­nı tamamilə alıb. Bu gün Azərbaycanda çağırışa cəlb olu­nan­lar yüz faiz görəvlərini yerinə yetirirlər. Hamı fikirləşir ki, bu çağırışdan yayındım, ikincisinə düşməliyəm. Ona görə də mən sizi bu qanuna səs verməyə çağırıram.  Sağ olun.

Sədrlik edən. Çox sağ olun.  Ziyafət müəllim dedi, mən də fikir verirəm, çıxışların əksəriyyətində iki motiv var: magis­tratura, bir də, çağırış müddətinin dəyişdirilməsi. Burada da deyildi ki, bu, sonrakı dəyişikliklərin predmetidir. Xahiş edirəm, çıxışlarımızı, əsasən, bu qanun layihəsinin ətrafında eləyək. Aydın Mirzəzadə.

A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Çox ciddi bir qanun layihəsini müzakirə edirik. Bu qanun komitəmizə layihə kimi daxil olmamışdan əvvəl xeyli müddət cəmiy­yətdə, ayrı-ayrı mətbuat səhifələrində ictimai müzakirə mövzusu oldu. Ümumən, cəmiyyət və maraqlı qüvvələr öz mövqelərini ortaya qoydular və hamı bu gün güclü bir  ordunun olmasında maraqlı olduğunu göstərdi. Məlum oldu ki, bu gün hərbi təhlükəsizlik məsələsi kifayət qədər vacibdir və bu baxımdan cəmiyyətin bütün resursları ortaya qoyul­malıdır.

Hərbi doktrinadan sonra hərbi quruculuq məsələlərində mən bunu ikinci bir qanun hesab edirəm. Qanun çox ciddi hazırlanıb. Onun üzərində işləyən mütəxəssislərin profes­sionallığı göz qabağındadır. Hərbi quruculuqla bağlı bütün məsələlər nəzərə alınıb və ictimai müzakirələrdə ortaya çıxan bütün suallara cavab verilib.

Mən bir-iki məsələyə toxunmaq istəyirdim, amma mən­dən əvvəl çıxış edən deputat həmkarlarım bu suallara cavab verdilər. Eyni zamanda, hörmətli Sədr, Siz də bu məsələyə münasibət bildirdiniz. Ona görə də onun üzərində dayanmağı vacib bilmirəm.

Hesab edirəm, qanun bugünkü tələblərə cavab verir. Əsas məsələ budur ki, biz ölkəmizin müstəqilliyinin əbədi və dönməz olması üçün hərbi təhlükəsizlik məsələsini həmişə gündəmdə saxlamalıyıq. Bu qanun həmin tələblərə cavab verir. Ordumuz qüvvətli olarsa, daim hazırlıqlı gənclərlə komplektləşdirilərsə, hərbi çağırış, hərbi xidmət məsələləri günün tələblərinə cavab verərsə, ölkəmizin müstəqillik məsələsini əbədi həll etmiş olarıq və torpaqlarımızın geri qaytarılması məsələsini daim gündəlikdə saxlayarıq. Bu məqsədə də çatacağıq.

Mən çıxışımın sonunda bir məsələyə münasibət bildirmək istərdim. Burada səsləndirildi ki, əgər biz orduya böyük bir vəsait ayırırıqsa, güclü bir ordumuz olduğunu bildiririksə, nəyə görə işğal edilmiş torpaqları azad etmirik? Biz güclü ordu ilə bir neçə məsələni həll edə bilmişik. Birincisi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yeni torpaqlarının işğal edilməsi istəyinin qarşısını almışıq. Heç də belə hesab etməyək ki, Ermənistan və onun arxasında duran qüvvələr Azərbaycanın yalnız 20 faiz torpağını işğal etmək istəyirdilər. Onlar digər ərazilərimizi də işğal etmək niyyətlərini heç vaxt gizlətməmişlər. Güclü ordu ilk növbədə bu niyyətin qarşısını aldı.

İkinci, güclü ordu bu gün Ermənistana siyasi təzyiqin əsas faktorlarından biridir. Ermənistana siyasi, iqtisadi, diplo­ma­tik təzyiq göstərilir ki, o, qoşunlarını işğal edilmiş torpaq­lardan çıxarsın, beynəlxalq normalara ciddi riayət etsin. Güclü ordumuz olmasa, əlbəttə ki, bu təzyiqlərin səmərəsi də ola bilməz. Bu gün ölkə Prezidenti, Ali baş komandan cənab İlham Əliyevin apardığı məqsədyönlü ordu qurucu­luğu sayəsində Azərbaycan regionun güclü ordusuna malik­dir. Bu gün bu ordu torpaqlarımızın keşiyində durub, Ali baş komandanın əmrlərini gözləyir. Qonşu Ermənistan bundan ciddi narahatlığını heç vaxt gizlətmir. Qanun layihəsini mükəmməl hesab edirəm və onun  səsə qoyulmasını təklif edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.

J.Əliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz qanun layihəsi ölkədə aparılan mütərəqqi hərbi islahatların davamı kimi qəbul edilməli və eyni zamanda, mütəşəkkil ordu quruculuğunda irəliyə doğru bir addım olaraq qiymətləndirilməlidir. Qanun həm də bura­da yer alan humanist düşüncələr baxımından da çox diqqətə­layiqdir. Mən birmənalı olaraq bu qanun layihəsinə səs verəcəyəm.

Eyni zamanda, dediyimiz kimi, irəliyə doğru atılan addımların bir neçəsi haqda fikirlərimi bölüşmək istəyirəm. Məndən əvvəl çıxış edənlər, xüsusi ilə də qanunu təqdim edən hörmətli Ziyafət müəllim bu barədə çox ətraflı şəkildə danışdılar. Amma mən də özümə borc bilirəm ki, bu məsələni qeyd edim. Bu günə qədər ali məktəblərdən qovu­lan tələbələr o andan etibarən ən yaxın çağırışda hərbi xid­mətə çağırılırdılar. Lakin indiki qanun layihəsinə görə bu qəbildən olan tələbələrə 6 ay müddət veriləcəkdir. Əgər məhkəməyə müraciət edərlərsə, hüquqları bərpa olunarsa, bu gənclər təhsillərini davam etdirdikləri müddətdə hərbi xid­mətdən azad edilirlər.

Diqqətəlayiq olan ikinci bir məsələ hərbi liseylərin müdavimləri ilə bağlıdır. Onlar hərbi liseydən xaric edil­dik­dən sonra heç bir zaman hərbi xidmətdə olmayan və əsgərlik təlimlərini bilməyən gənclər kimi il yarım xidmət keçirdilər. Yeni qanun layihəsinə görə isə onların təhsil aldığı müddət nəzərə alınaraq bu, dörddə birə qədər endirilib.

Digər yeni bir məsələ əsgərlik xidməti vaxtı ehtiyatsızlıq üzündən cinayət törətmiş və məhkum edilmiş şəxslərlə bağlıdır. Məhkumluq müddəti bitdikdən sonra həmin vətən­daş yenidən il yarım xidmət keçirdi. Yeni layihəyə görə isə bu məhkumluq müddəti bitdikdən sonra vətəndaş, sadəcə olaraq, hərbi xidmətin qalan hissəsini xidmət edəcəkdir.

Digər bir mütərəqqi məsələ isə sərəncamda olanlarla bağlıdır. Məlumdur ki, əvvəlki qanun layihələrinə görə sərən­camda olma müddəti qeyri-müəyyən idi. Yəni şəxs illərlə sərəncamda olurdu. Yeni layihəyə görə bu da müəyyən bir müddətlə tənzimlənib. Bütün bunlar, əlbəttə ki, irəliyə doğru atılan çox mütərəqqi addımlardır.

Məndən əvvəl səsləndirilən fikirləri bir daha təkrarlamaq istəmirəm. Bu, möhlət hüququ ilə, çağırışların ildə 4 dəfə ol­ması ilə bağlıdır. Mən də bir çox millət vəkilinin fikirlərinə qoşularaq demək istərdim ki, magistrlərə möhlət hüququ verilməlidir. Doğrudan da, vətənə əsgərlər kimi elmli insanlar da lazımdır. Elmin, doktoranturanın yolu mərhələ olaraq magistraturadan keçir. Düşünürəm ki, təhsilin bölünməsi ona olan marağı azaldır və bu məsələ ətrafında bir daha düşünməyə dəyər.

Deyəcəyim digər məsələ isə qanunun dili ilə bağlıdır. Mən qorxuram ki, vaxtım bitər. İstərdim ki, “uçot” məsələsinə bir nəzər yetirilsin. “Uçot” nədir, “qeydiyyat” nədir? “Qeydiyyat” da nəticə etibarı ilə elə “uçot” deməkdir. Söhbət 2.0.4-cü maddədəki “hərbi uçotdan” və 2.0.5-ci maddədəki “hərbi qeydiyyatdan” gedir.

Daha sonra, burada “bağlaşma” kəlməsi yazılıb. “Bağlaş­ma” sözü hələ dilimizə oturuşmayıb. Bu, türk mənşəli bir kəl­mə­dir, “müqavilə” deməkdir. Olmazmı ki, bu elə “mü­qavilə” kimi qeyd edilsin.

Daha sonra, “tutuşdurmaq” kəlməsi qanunun dilinə uyğun gəlmir. Digər bir neçə belə məsələ var ki, mən vaxtın darlığından onları qeyd eləyə bilmirəm. Onları yazılı şəkildə təqdim edəcəyəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.

Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə vurğulamaq istəyirəm ki, mən də bu qanun layihəsinə səs verəcəyəm və hesab edirəm, çox vacib qanundur. Amma bəzi məqamlarla bağlı fikirlərimi demək istəyirəm. 3.4-cü maddədə yazılır ki, Azərbaycan Respublikası Konstitusi­ya­sının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaş­ların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Mən öz şəxsi fikrimi deyirəm. Şəxsən mən bunun əleyhinə olsam da, bu, vətəndaşların konstitusion hüququdur. Bu qanunun həyata keçirilməsində bu məsələyə çox ciddi fikir verməliyik. Mexanizmlər çox ciddi olmalıdır ki, bundan sui-istifadələr olmasın. Hamımız bilirik ki, bu gün ölkəmizdə xristian tə­mayü­llü dini təriqətlər çox ciddi şəkildə fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdən, müxtəlif təşkilatlardan dəstək alırlar. Siz baxsanız, görərsiniz ki, onların hamısı üçün həqiqi hərbi xidmət yasaqdır, qadağandır və bunun  əleyhinədirlər. Sabah hərbi xidmət yaşlı gənclərimizin arasında bu kimi halların mənfi fəsadlar doğurmaması üçün biz bu məsələyə ciddi önəm verməliyik.

İkinci, biz kiməsə əqidəsinə görə həqiqi hərbi xidmətdə olmamaq şansını veririk, amma magistraturaya daxil olmaq istəyən insana cəmi 2 il möhlət hüququ vermək istəmirik. Bu, cəmiyyətdə birmənalı qarşılanmayacaq, çünki ömrü boyu magistraturaya girməyi arzulayanlar həqiqi hərbi xidmətdən yayınmaq istəyənlər deyillər. Onlar, sadəcə, təhsildən ayrılmamaq üçün möhlət istəyirlər. Kim desə ki, təhsildən ayrılmağın heç bir təsiri yoxdur, bu, doğru deyil. Təhsildən müəyyən müddət ayrılmağın təsiri var. Bu insanlar deyirlər ki, siz bizə möhlət verin, magistraturanı bitirək, sonra hərbi xidmətə gedək. Mən hesab edirəm ki, doğrudan da, biz bu möhləti verməliyik.

Bizim gənclərimiz xarici ölkələrdə təhsil alırlar və təhsillərini bitirib magistraturaya girməlidirlər. Onlar artıq öz şəraitlərini qurublar, təhsil prosesi gedir. Birdən biz onları təhsildən ayırırıq ki, gəlin, hərbi xidmətə gedin, sonra oxumağınızı davam etdirərsiniz. Təbii ki, prosesdə qopuqluq yaranır. Bizim xarici ölkələrdə təhsil alan gənclərə çox ehtiyacımız var. Olmazmı ki, təhsillərini başa vursunlar, sonra orduda xidmət etsinlər. Təhsilli gənclər orduda da yüksək səviyyədə xidmət edə bilərlər. Axı həmişə deyirik ki, bizə təhsilli gənclər lazımdır. İqtisadçı iqtisadi biliyini, beynəlxalq əlaqələrdə oxuyan beynəlxalq əlaqələrlə bağlı  biliyini orduya aparmır?

Müdafiə Nazirliyinin hörmətli nümayəndələri də bura­dadırlar. Mən bu məsələni bir neçə dəfə vurğulamışam. Biz istəyirik ki, hərbi xidmətə daha yaxşı, daha savadlı gənc­lərimiz getsinlər. Bu gün əsgərliyə gedən gənclərimizin neçə faizi ali təhsilli, neçə faizi orta təhsillidir? Orduda orta təhsil məktəblərini bitirən gənclər üstünlük təşkil edir. Amma orta məktəblərimizdə hərbi dərslərin səviyyəsi nə vəziyyətdədir? Yəqin ki, millət vəkili olaraq hər birimiz öz rayonumuzdakı orta məktəblərdə keçirilən hərbi dərslərin səviyyəsini bilirik. Bax, bunun üzərində ciddi düşünməliyik.

Mən oxuduğum zaman bu sahəyə xüsusi diqqət verirdilər. Müdafiə Nazirliyinin nümayəndələri mənim hərbi bilikləri­mi yoxlasalar, bunun şahidi olarlar. Hərbi dərslər o qədər ciddi keçirilirdi ki, biz hələ də o bilikləri yadımızda sax­layırıq.  Bu gün məktəblərimizdə hərbi dərsləri kimlər tədris edir? Tədris hansı səviyyədədir? Gənclərimiz praktik olaraq hərbi biliklərə yiyələnirlərmi? Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ciddi düşünməlidir ki, gənclərimiz orta məktəb­lərdə hərbi biliklərə müəyyən qədər yiyələnərək orduya hazırlıqlı getsinlər. Bir də, düşünməliyik ki, ali hərbi məktəb­lərə daxil olan gənclər ən yüksək bal toplamalıdırlar. Bu gün hərbi məktəblərə daxil olan gənclərin topladıqları ballar bizi qane edirmi? Onların çoxu orta məktəblərdə yaxşı oxu­yan gənclərdirmi? Çalışmalıyıq ki, hərbi məktəblərə yük­sək balla daxil olan gənclərimiz daha çox olsun. Mən qanun layihəsini dəstəkləyəcəyəm, amma dediklərimin üzərində ciddi düşünməmiz gərəkdir. Sağ olun.

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Hörmətli Sədr, əvvəla, mən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı müzakirələrin kəsil­məsinə, mənə və digər deputatlara söz verilməməsinə görə Ziyafət müəllimə etirazımı bildirmək istərdim. Mən qanunun maddələri ilə əlaqədar təklif vermək istəyirdim. Orada həm texniki səhvlər və  çatışmazlıqlar, həm də camaatı narahat edən maddələr vardır. Ümumiyyətlə, biz bəzən qanun layi­hələrini tələsik, demək olar ki, müzakirəsiz qəbul etməyə can atırıq. Bu tələskənlik, bu forma kimə və nəyə lazımdır?

İndi isə Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbay­can Respublikası qanununun layihəsinə keçək. Burada çox mütərəqqi maddələr var. Mən bunun üzərində dayanmaq istə­məz­dim, amma bəzi təkliflərimi vermək istərdim. Əvvəllər həqiqi hərbi xidmətə çağırılan vətəndaş, təəssüflər olsun ki, bir çox hallarda daimi iş və qazanc yerini birdəfəlik itirirdi. Əsgərliyə aparılan vətəndaş qayıtdıqdan sonra əvvəlki iş yerinə bərpa oluna bilmirdi. Sonradan biz “Azər­baycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunda mühüm dəyişiklik etdik. Orada gös­tərdik ki, şəxs həqiqi hərbi xidmətə çağırılarkən onun daimi iş yeri və orta əmək haqqı saxlanılır. Lakin təzə qanunda bu maddə yoxdur. Siz də, Ziyafət müəllim, qeyd etdiniz ki, bu qanunun qəbulu ilə əlaqədar “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun müddəaları qüvvədən düşmüş olur. Ona görə sualım Sizədir. Yeni qanuna əsasən insan hə­qiqi hərbi xidmətə çağırılarsa, onun iş yeri saxlanılacaqmı?

Müzakirə olunan qanun layihəsinin 10.3-cü maddəsinə əsasən iş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır. Lakin yeni qanunda buna bənzər müddəa çağırışçılara münasibətdə tətbiq olunmur. Bəlkə də mən yanılıram. Xahiş edirəm, buna münasibət bildirəsiniz, çünki bu çox böyük problemdir. Bu yenə də işsizlik problemini yaradacaq.

Burada magistrlər haqqında danışıldı. Mən də həm Jalə xanımın, həm Qənirə Paşayevanın, həm də hörmətli rektoru­muz Əhməd Vəliyevin təkliflərinə qoşuluram. Xahiş edirəm, yenə də bu təklifi nəzərdən keçirək. Deyirsiniz ki, bu bizim predmetimiz deyil. Biz “Təhsil haqqında” Qanunda Azər­bay­can Respublikasında təhsilin fasiləsizliyini dövlət siyasətinin əsas prinsipi kimi qeyd etmişik. Lakin indi bu qanunları bir-birinə qarşı qoyuruq.

19-cu maddədə ailə vəziyyətinə görə hərbi çağırışa möhlət verilməsinin əsasları qeyd olunur. Əgər yadınız­dadırsa, plenar iclaslardan birində Milli Məclisə müraciət edərək bildirmişdim ki, əgər ana yeganə oğlunu təkbaşına böyüdürsə, onu oğul himayəsindən məhrum etmək düzgün deyil. Üstəlik, nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, deməli, bu oğul bir daha evinə qayıtmaya da bilər. Mən çox istərdim ki, qanunu hazırlayan işçi qrupunun üzvləri bu humanist məsələyə öz fikirlərini bildirsinlər və yenə də bunu müzakirə edək.

Qanunun 12.7.2-ci maddəsinə əsasən fövqəladə və digər qarşısı alına bilməyən hallar müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməmək üzrlü səbəb­lərdən biri sayılır. Mənim Ziyafət müəllimə sualım var. Şəxsin yaxın qohumunun qəzaya düşməsi, ağır xəstələn­məsi, vəfat etməsi bu hallara aiddirmi?

27.2-ci maddəyə görə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri, bədən xəsarəti almaları inzibati xətanın, ya da cinayətin törədilməsi zamanı baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır. Həmçinin 33.1-ci maddədə yazılır ki, hərbi qulluqçular və hərbi vəzifəlilər ağır və ya xüsusi ilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər rütbəsinə endirilə bilərlər.

Sədrlik edən. Elmira xanım, Siz Ziyafət müəllimə irad tutdunuz ki, iclası düz aparmır. Ancaq bir məsələ var, iclası aparan görür ki, eyni məsələni 5–10 nəfər təkrar edir.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Mən Sizə misal çəkirəm. Əgər çıxışınızda varsa, verin stenoqrama. Mübariz Qurbanlı.

M.Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi Azərbaycanda ordu quruculuğu sahəsində əldə etdiyimiz uğurlara müvafiq olaraq hazırlanıbdır. Mən hesab edirəm ki, qanun təkmildir və burada irəli sürülən tələblər humanist xarakter daşıyır.

Əvvəlki qanunla müqayisədə xeyli yeniliklər var və bu, hərbi xidmətə çağırışda çox mühüm irəliləyişlərə nail ol­mağa gətirib çıxaracaq. Məqsəd kişi cinsindən olan Azər­bay­can vətəndaşlarının ordu xidmətinə çağırılmasından iba­rət­dir. Hesab edirəm ki, 35 yaş həddinin qoyulması bu prob­lemi tam şəkildə həll etmiş olur. Mən burada bir-iki məqama toxunmaq istəyirəm.

Bunlardan birincisi çağırışaqədərki hərbi hazırlıqla əlaqədardır. Mən hesab edirəm ki, çağırışaqədər hazırlıq məsələsinə xüsusi diqqət yetirmək və 9-cu maddədə bu məsələni bir az da genişləndirmək lazımdır. Çünki çağırışa­qədər hazırlıq indiki şəraitdə çox vacib rol oynayır. Bu bir tərəfdən hərbi ixtisaslara məhəbbət yaradır, hərbi vətən­pərvərlik hissini genişləndirir, digər tərəfdən, gələcək əsgər­lərin hazırlığında əhəmiyyətli rol oynayır.

Digər bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Burada hərbi çağırışa möhlətlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu məsələ iki cür həll oluna bilər. Biz elmin inkişafına, elmi işlərə gənclərin cəlb edilməsinə diqqət yetirməliyik. Bu, vacib məsələdir. Müvafiq icra hakimiy­yə­tinin apardığı təhlillər göstərir ki, Azərbaycanda elmi tədqi­qat laboratoriyaları olan aparıcı ali məktəblər var. Burada ordumuz üçün kompüter və dəqiq elmlər üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlana bilər. Bu cür zabitlərə çox ehtiyac var.

Hesab edirəm ki, bir neçə universitetdə hərbi kafedraları bərpa etmək olar. Bu kafedralarda hazırlanan, sonradan zabit rütbəsi alan oğlanların da hərbidə minimum bir il xidmətini orada xüsusi qeyd eləmək olar. Yəni onlar zabit kimi orduda xidmət edərlər. Qoy magistraturanı da bitirsin, elmi biliyini, intellektual səviyyəsini artırsın və orduya gedib, zabit  kimi xidmət eləsin.

Bu praktika sovet dövründə tətbiq olunubdur. O zaman Sovet İttifaqı da müharibə vəziyyətində idi və Qərblə, Şərqlə qarşıdurmada hərbi hazırlıq və sürətli silahlanma çox vacib rol oynayırdı.

Əlbəttə, biz bu gün müharibə vəziyyətindəyik və hər şey ordu üçün edilməlidir. Ordu ilə bağlı heç bir güzəşt olunmamalıdır. Amma elmi də unutmaq olmaz. Məsələn, Bakı Dövlət Universiteti kimi aparıcı ali məktəblərimiz var. O biri ali məktəb rektorları  inciməsinlər, mən özüm Bakı Dövlət Universitetini bitirdiyimə, universitetə bələd oldu­ğu­ma görə bunu deyirəm. O biri universitetlərdə də yüksək ixtisaslı kadrlar hazırlanır və onlara da böyük ehtiyac var. Sözüm onda deyil, amma burada dəqiq elmlər üzrə çox böyük tədqiqat işləri aparılır. Dəqiq elmlər üzrə tədqiqat işlərini aparan oğlanlar hərbi xidmətə çağırılan zaman bu işlər yarımçıq qalır. Onsuz da bu, zabit kimi xidmət edəcək. Məqsəd odur ki, hamı xidmət etsin. Eləmi? Məqsədə çat­mışıq, 35 yaş həddi bunu həll edir. Hərbi kafedraları bərpa eləsək, hamı biləcək ki, gedib hərbi xidmət keçməlidir. Bir də, gələcəkdə qanunlarımızda hərbi xidmət keçməyən şəxslərə aid xüsusi bənd yaza bilərik. Hərbi xidmət keç­məyən şəxs deputat ola, dövlət qulluğu tuta bilməz və sair. Bunlarla həll edə bilərik. Bir də, peşəkar orduya keçidə qədər müəyyən məsələləri həll etmək lazımdır. Bunları həll etdikdən sonra, mən elə bilirəm, bu söz-söhbət bitər. Hamınıza təşəkkür edirəm, sağ olun.

Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.

T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də təqdim olunan qanun layihəsini çox vacib və əhəmiyyətli, ordu quruculuğumuzun möhkəmlənməsinə xid­mət edən bir sənəd kimi qiymətləndirirəm. Qeyd olun­duğu kimi, bu sənəd üzərində çox iş görülüb. Belə mükəm­məl bir sənədin ortaya qoyulmasında xidməti olan komitə üzvlərinə – hər bir kəsə öz təşəkkürümü bildirmək istəyirəm.

Bir-iki təklifimi söyləmək istərdim. Bunlardan biri hərbi qeydiyyatın aparılması ilə əlaqədardır. Bu çox vacib bir məsələdir. Ancaq düzünü deyim ki, burada oturanlar da, hərbi sahə ilə məşğul olanlar da bu gün hərbi qeydiyyatın aparılmasında bir çox çətinliyin olduğunu söyləyə bilərlər. Bu nədən ibarətdir? Bu gün respublikada 10 minlərcə insan daimi qeydiyyatda olduqları kəndlərdə, rayonlarda yaşamır, iri şəhərlərə, xüsusilə Bakı şəhərinə köçüblər. Burada özləri üçün evlər tikiblər, yaşayırlar. Uşaq Bakıda dünyaya gəlir, burada orta məktəbi qurtarır, işləyir, lakin qeydiyyatı kənddədir. Belə olan halda, hərbi qeydiyyatın aparılmasında və bu gənclərin orduya çağırılmasında çətinliklər yaranır. Bu məsələni bir neçə dəfə burada səsləndirdilər. Hər bir kəs yaşadığı yerdə qeydiyyata düşsün və bu qeydiyyat düzgün aparılsın.

Digər bir məsələyə – çağırışaqədərki hərbi hazırlıq mə­sə­lələrinə toxunmaq istəyirəm. Burada çox düzgün səslən­dirildi ki, bu gün orta məktəblərimizdə bu sahədə çox ciddi nöqsanlar var. Vaxtı ilə biz bir çox hərbi idman oyunlarında iştirak edərdik və silahların sirlərinə yiyələnərdik. Bu gün torpaqlarının 20 faizindən çoxu işğal olunmuş bir ölkənin gənc oğlan və qızlarının taxta avtomatla, taxta qumbara ilə davranması, elə bilirəm ki, düz deyil. Orta məktəblərin heç birində bu gün hərbi silahlar yoxdur. Burada ancaq kar­tondan hazırlanmış qumbaralar, taxta silahlar var ki, bu da məktəbliyə heç nə vermir. Düzünü demək lazımdır ki, bu, əslində, insanları silahlardan qorxudur. Bu gün silah adı çəkiləndə məktəbli qorxur ki, əlini avtomata vursa, açılıb onu öldürəsidir, qumbaraya toxunsa, o dəqiqə partlayasıdır və bir faciə baş verəsidir. Əslində, belə deyil. Biz orta mək­təblərimizdə hərbi hazırlığın keyfiyyətini yüksəlt­mə­li­yik.

Digər bir təklifim də var. Burada ailədəki tək oğlan uşaqlarından söhbət getdi. Əlbəttə ki, mən hər bir kəsin – ailənin tək oğlunun da orduda xidmət etməsinin tərəf­darı­yam. Ancaq məsələyə bir balaca humanist nöqteyi-nəzərdən yanaşsaq, bu uşaqların cəbhə zonasında xidmət etməsi bir az məhdudlaşdırılmalıdır. Digər tərəfdən, bunların hərbi xidmət müddətini 6, 9 aya endirmək məqsədəuyğun olardı.

Digər bir təklifim hərbi xidmətdə olmanın son yaş həddi ilə bağlıdır. Burada hərbi xidmətdə olmanın son yaş həddi mayor, polkovnik, leytenant üçün 48 yaş, polkovnik və onlara bərabər tutulan hərbi qulluqçular üçün isə 53 yaş müəyyən olunur. Düzünü deyim ki, bu, azdır. Çünki orta təbəqəni təmsil edən mayorlar, polkovniklər professional adamlardır. Bunların 48 yaşında ordudan tərxis olunması, elə bilirəm ki, bizim ordu quruculuğuna elə də çox fayda verə bilməz. Məncə, gələcəkdə bu barədə fikirləşmək olar. Bunların yaş həddi artırılsa, yaxşı olar. Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.

Ç.Qənizadə. Təşəkkür edirəm. Vaxtın azlığını nəzərə alaraq çalışacağam, maddələr üzərində fikrimi bildirim. İlk öncə təklif etmək istəyirəm ki, bu qanunun adında dəyişiklik etmək lazımdır. Qanunun bütün maddələrinə baxanda görürsən ki, burada söhbət hərbi xidmətdən gedir. Odur ki, təklif edirəm, qanunun adı “Hərbi xidmət və hərbi vəzifə haqqında” yazılsa, daha yaxşı olar, çünki vəzifə ilə bağlı cəmi bir-iki maddədə göstəriş var.

Ziyafət müəllim, 3-cü maddədə bir texniki səhv var. 3.3-cü maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanun­veri­ciliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləş­mə­lər­də. Biz əvvəldən heç nəyi göstərmədən “başqa” sözünü yazmışıq. “Müxtəlif hərbi birləşmələr” ifadəsini bura yaz­maq­la bu texniki qüsuru aradan götürə bilərik.

3.4-cü maddədə alternativ hərbi xidmətdən söhbət gedir. Düzdür, hüquq müdafiəçisi olaraq mən əcnəbilərlə görüş zamanı daim bu söhbətlərin iştirakçısı oluram və təbii ki, bu, qanunla da təsbit olunub. Bir vətəndaş olaraq elə hesab edirəm ki, torpaqlarımız işğaldan azad olunana qədər bu mə­sələni saxlamaq yerinə düşərdi.

Belə hesab edirəm ki, 12.6.1-ci maddə, ümumiyyətlə, çıxarılmalıdır, çünki başqa işə keçməklə qeydiyyatın dəyiş­dirilməsi bir az natarazlıq yaradır. Şəhər daxilində də bir rayondan digər rayonun ərazisinə keçə bilərlər. Məcburi olaraq Xətai komissarlığından Səbailə keçmə və sair kimi hallar ola bilər. Ümumiyyətlə, bu bəndin çıxarılmasının tərəfdarıyam.

19-cu maddə çağırışa möhlət verilməsi ilə əlaqədardır. Tək övladla bağlı, təbii ki, vətəndaş və valideyn olaraq hamımız bunu arzulayırıq. Amma bu gün tək övladların ön cəbhədə deyil, arxa cəbhədə və digər yerlərdə xidmət etməsi məqsədəuyğun olar. Bir şeyi də nəzərə alaq ki, tək övladlara möhlət verilməsi gələcəkdə dünyaya gələn uşaqların sayının azlığına da gətirib çıxara bilər. Çünki biz hələ bilmirik ki, mü­haribə şəraitindən nə vaxt çıxacağıq.

Magistratura ilə bağlı məndən əvvəl çıxış edənlərlə həmrəyəm və belə hesab edirəm ki, təhsildən ayrılmadan hərbi xidmət məsələsini yoluna qoymaq olardı.

39-cu maddə – “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi”. Məndən əvvəl çıxış edən həmkarım bu barədə qeyd elədi. Ziyafət müəllim, zabit heyətlərinin 48, 53 yaşında ordudan tərxis olunması bizim professional zabitlərimizin itirilməsinə gətirib çıxara bilər. Belə hesab edirəm ki, bu yaş həddinə baxmaq, bunları artırmaq lazımdır.

45-ci maddə “Toplanışların keçirilməsi”dir. 45.2.1-ci maddədə yazılır ki, birinci dərəcələr üçün hər dəfə 2 ay müddətinə 5 dəfədən artıq olmayaraq. Sonrakı maddədə isə qeyd olunur ki, ikinci dərəcəlilər üçün 2 ay müddətinə 3 dəfəyədək. Yəni burada 6 və 10 ay müddət göstərilir. Eyni zamanda, 45.6-cı maddədə göstərilir ki, 18 aydan çox ola bilməz. Əgər biz yuxarıda düzünə göstərişlə qeyd eləmişiksə ki, maksimum hədd və nə qədər müddətə ola bilər, onda mən bu bəndin bura salınmasını başa düşə bilmirəm.

Bir də, möhlət məsələsində cinayət törədənlərdən məh­kum­luğun ödənilməsi məsələsi qeyd olunur. Mən bunun tərəfdarı deyiləm. Bilirsiniz ki, Cinayət Məcəlləsinin 83-cü maddəsində məhkumluğun ödənilməsinin müddətləri var. 19 yaşında bir gənc əsgərliyə getmədən hər hansı bir əmələ görə 6–7 il cəza alıbsa və sonra təzədən 5 il məhkumluğun ödənil­məsini gözləyirsə, o, artıq 35 yaşa gəlib çıxacaq. Məncə, cəzasını çəkdikdən sonra hərbi xidmətə çağırılması daha məqsədəuyğun olardı. Bu təkliflərim nəzərə alınsa, çox yaxşı olar. Mən bu qanunun lehinə səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.

A.Şahverdiyev. Oqtay müəllim, çox sağ olun. Mən də qanunun lehinə səs verəcəyəm, amma Aqiyə xanım məndən xahiş edib, mən onunla yerimi dəyişirəm. Sağ olun.

Sədrlik edən. Yerlərinizi dəyişəndə, xahiş edirəm, əv­vəlcədən deyin. Mən söz verəndən sonra dəyişirsiniz. Bu­yurun, Aqiyə xanım.

A.Naxçıvanlı. Çox sağ olun, minnətdaram. Təqdim olunan qanun layihəsi çox vacibdir. Azərbaycanın müstəqil­liyi xalqımıza asan başa gəlməyibdir. Bu müstəqilliyi əbədi etmək üçün, əlbəttə ki, Azərbaycanın güclü ordusu olmalı­dır. Torpaqlarımızı azad edəcək bir güc varsa, o da bizim ordumuzdur.

Vətənə xidmət hər bir vətəndaşın borcudur. Mən fikirləşirəm ki, vətənə xidmətdə heç bir güzəşt ola bilməz. Magistratura elmə aparan bir yoldur. Əgər tələbənin elmə marağı varsa, hərbi xidmətdən sonra da elmlə məşğul ola bilər. Ona görə də mən bu magistrlərə möhlətin verilməsinin tam əleyhinəyəm.

Ali təhsil müəssisələrindən xaric olan tələbələrlə bağlı ora­da bir məsələ var idi. Bilirsiniz ki, ali təhsil müəs­si­sə­lə­rin­dən xaric olan tələbələr yalnız bir ildən sonra bərpa oluna bilərlər. Bu baxımdan burada 6 ay qeyd olunmasının mə­nası nədir? O məsələyə də yenidən baxılması çox vacib­dir.

Ailənin tək oğludursa və onu ana tərbiyə edirsə, fikirləşirəm ki, onun əsl kişi olması üçün mütləq orduda xidmət etməsi vacibdir. Belə olmazsa, o, valideynlərinə arxa ola bilməz. Belə bir bəhanə gətirirlər ki, ordudan qayıda bilməz. Gündə Azərbaycanda yol qəzalarında nə qədər cavan dünyasını dəyişir. Ata-anaları hərəsinə bir  maşın alıb verir. Burada həlak olanlar daha çoxdur. Burada bir fikir səsləndi ki, hərbi xidmətdə olmayan insanlar heç bir vəzifə tuta, dövlət qulluğunda işləyə bilməzlər. Burada Türkiyə amillərini ortaya qoydular. Siz bilirsiniz ki, Türkiyədə hərbidə olmayan oğlana heç qız da vermirlər. Ona görə mən fikirləşirəm ki, bu amili də ortaya qoymaq lazımdır.

Sizin yadınızdadırsa, 1970–1980-ci illərdə bütün institut­larda tibbi biliklərin əsasları və hərbi hazırlıq kafedraları var idi. Mən fikirləşirəm ki, məktəblərdə hərbi hazırlıq mə­sələlərini gücləndirmək lazımdır. O vaxtlar qızların hamısı tibb bacısı kimi diplom alırdılar. Bu da çox vacib məsələdir. Çünki biz elə bir vəziyyətdəyik ki, qızlarımızın ehtiyatda olan tibb bacısı kimi hazırlanması daim diqqətdə olmalıdır. Əgər bu düzəlişlər və əlavələr nəzərə alınsa, mən bu qanuna səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. 15 nəfər millət vəkili çıxış etmək istəyir. Yazılanlardan təkid edənlər varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təkid edənlər var. Hələlik  tənəffüs elan olunur.

 

 

(FASİLƏDƏN   SONRA)

 

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. İc­la­sı­mı­zı davam etdiririk. Leyla Abdullayeva.

L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Müharibə vəziyyətində olan bir ölkədə Hər­bi vəzifə və hərbi xidmət haqqında qanunun əhəmiy­yə­ti­ni qeyd etməyə ehtiyac yoxdur. Təqdim olunmuş material­lardan da görünür ki, bu qanun “Hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” qanunları əvəz edəcəkdir. Bu baxımdan qanunun tənzimlədiyi ictimai münasibətlərin sferası kifayət qədər genişdir.

Qanun layihəsinin ilkin oxunuş üçün təqdim olunduğunu nəzərə alaraq konseptual baxımdan öz münasibətimi bil­dirmək istərdim. Qanun kişilərlə yanaşı, qadınların da kö­nüllü olaraq müəyyən şərtlər daxilində hərbi qeydiyyata alın­masını və eyni zamanda, məcburi çağırışla yanaşı, kö­nüllü hərbi xidmət keçməsini də müəyyən edir. Belə  müd­də­aların qanunda əks olunması müsbət haldır. Təklif edər­dim ki, qadınların və könüllü xidmət keçənlərin stimul­laş­dırılması üçün qanunvericilikdə əlavə təzminat və güzəştlər nəzərdə tutulsun. Qeyd edim ki, bəzi xarici ölkələrdə bu cür güzəştlər artıq tətbiq olunur.

15-ci maddədə “sıradan kənar həqiqi xidmət” ifadəsindən istifadə olunur. Qanunun 2-ci – “Bu Qanunda istifadə olunan əsas anlayışlar” maddəsində “ehtiyatda xidmət”, “hərbi qey­diy­yat”, “hərbi uçot” və sair anlayışlara  aydınlıq gətirilir. Yaxşı olardı ki, 2-ci maddədə “sıradan kənar həqiqi xidmət” anlayışına da aydınlıq gətirilsin.

Qanunun 34.3-cü maddəsində nəzərdə tutulur ki, zabitlər xidmətlərini davam etdirmək üçün beynəlxalq təşkilatlara ezam oluna bilərlər. Bizə məlumdur ki, xarici ölkələrdəki səfirliklərimizdə attaşelərimiz fəaliyyət göstərirlər. Ona görə də 34.3-cü maddədə “beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə” ifadəsi yazılsa, daha məqsədəuyğun olar­dı. Qanunda hərbi xidmət və hərbi xidmətkeçmənin hü­quqi tənzimlənməsinin qaydaları ətraflı şəkildə müəyyən edilmiş­dir. Mən də qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Azər Badamov.

A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən qanun layihəsi barədə fikrimi bildirməmişdən qabaq istərdim, bir məqamı qeyd eləyim. Dünən ulu öndər Heydər Əliyevin anım günü keçirildi və yüz minlərcə insan bir daha ümummilli liderinə hörmət və ehtiramını ifadə etdi. Bu səbəbsiz deyil, çünki müstəqil respublikamızın varlığı, ölkəmizdə hərbi sahənin inkişafı, Azərbaycanın hərbi potensialının yüksəldilməsi birbaşa ümummilli liderimizin adı ilə bağlıdır. Bu gün öz möh­təşəmliyi ilə hər kəsi heyran edən Azərbaycan ordu­sunun bu səviyyəyə gəlib çatması Heydər Əliyevin şəxsi səyi nəti­cə­sində ölkəmizdə ordu quruculuğuna 1969-cu ildən baş­la­yaraq göstərilən münasibətin bəhrəsidir. Hərbi Aka­de­mi­ya­nın, C. Naxçıvanski adına Ali Hərbi Məktəbin, Ali Hərbi Də­nizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Mək­tə­bi­nin yaradılması və bu sahədə kadrların hazırlanmasına qayğı və diqqətin göstərilməsi bunun əyani ifadəsidir.

Müharibə vəziyyətində yaşayan bir dövlət olduğumuz üçün ölkəmizdə hərbi vəzifə və xidmətlə bağlı məqamlar olduqca mühümdür. Hazırda müzakirə olunan qanun layihəsində əks olunan bir sıra məqamlar məhz bu baxımdan əhəmiyyət daşıyır. İlk olaraq demək istərdim ki, qanun layihəsində bütün vacib məqamlar qeyd olunub. Ən əsası cəmiyyətimizdə hər zaman müzakirə mövzusu olan təhsilin davam etdirilməsi üçün çağırışa möhlət verilməsi və digər məsələlər qanunda öz əksini tapmışdır. Ümumiyyətlə, magistratura təhsilinin davam etdirilməsi məsələləri həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsinə əsas ola bilməz.  Əslində, bir kişilik məktəbi kimi hərbi xidməti başa vuranlar istər işdə, istərsə də təhsildə öz vəzifələrinə daha məsuliy­yətlə yanaşırlar. Çətinlikləri görür və onları vaxtında aradan qaldırmağa qadir olurlar.

Bundan başqa, qanun layihəsində çağırışaqədərki hazırlıq məsələsi də öz əksini tapıb. Qeyd etdiyim kimi, bu gün müharibə şəraitində yaşayan bir ölkə olduğumuz üçün orta ümumtəhsil məktəblərində istər silahla ilkin davranış, istərsə də digər istiqamətli ibtidai hərbi biliklərin öyrənilməsi vacibdir. Hörmətli həmkarım Tahir Rzayevin rəy və fikir­lərini dəstəkləyirəm. Mən də müharibə şəraitində olduğumuz üçün orta məktəblərdə hərbi dərslərin keçirilmə saatlarının artırılmasını təklif edirəm. Bu bəzən ordumuzda silahla düzgün davranılmamasından yarana biləcək bədbəxt hadi­sələrin qarşısını almağa yardım edər.

Digər tərəfdən, çağırışaqədərki hazırlıq dövrünü  bitirən­dən sonra hərbi hazırlığın mənimsənilməsi vəziyyəti­nin müəy­yən edilməsi məqsədi ilə imtahanın nəzərdə tutulması da yaxşı olardı.

Bundan başqa, qanunda nəzərdə tutulan tibbi müayinədən keçməyin məcburiliyi barədə bir neçə kəlmə demək istər­dim. Düşünürəm ki, bu komissiyaların tərkibi daha ciddi komplektləşdirilməli və həkimlərin məsuliyyəti artırılmalı­dır. Çünki bu həm verilən qərarın daha peşəkar və dəqiq olma­sına, həm də prosesdə şəffaflığın qorunmasına yaxın­dan köməklik göstərə bilər. 

Bir daha qeyd etmək istərdim ki, qanunda nəzərdə tutulan maddələr peşəkarlıqla işlənilib və hərbi sahənin inkişafı üçün göstərilən qayğını özündə əks etdirir. Bu qayğını bir müddət öncə müzakirə etdiyimiz 2012-ci il dövlət büdcəsi haq­qında qanun layihəsində də aydın gördük. Qəbul edəcəyi­miz Hərbi vəzifə və hərbi xidmət haqqında qanun Azər­baycan ordusunun gələcək illərdə daha yüksək səviy­yədə inkişaf və möhkəmlənməsinə xidmət edərək qarşısında duran bir nömrəli vəzifəni həyata keçirəcəyinə – Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizi işğaldan azad edəcəyinə inanıram. Qanun layihəsinə səs verəcəyəm, diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Əliağa Hüseynov, buyurun.

Ə.Hüseynov.  Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri! Hərbi vəzifə və hərbi xidmət haqqında qanun layihəsi Milli Məclisin müvafiq komitəsində müzakirə olunmuşdur. Mü­zakirəyə qədər bu qanun layihəsi, iki ilə yaxın Prezident Admi­nist­rasiyasının şöbələrində, o cümlədən Milli Məclisin şöbəsində ekspertlərin köməyi ilə dərindən araşdırılıb, ərsəyə gətirilib, Prezidentimiz tərəfindən buraya təqdim olun­muşdur. Deputat yoldaşlarım magistratura məsələsi, alternativ qulluq, tək uşağın arxa cəbhədə xidmət etməsi və ya onun hərbi xidmətdən azad olunması, iki qardaşın biri ön cəbhədədirsə, digərinin arxa cəbhədə xidmət etməsinin təmin olunması ilə bağlı suallarla mənə də müraciət etdilər və buradakı çıxışlarında da bu məsələlər qoyulurdu. Bu gün həmin qanun qüvvədədir və çox qəşəng də işləyir, xalq tərəfindən qəbul olunur. 20 ildən yuxarıdır ki, torpaq­ları­mızın 20 faizi işğal edilib, BMT-nin və ya Minsk qrupunun iştirakı ilə ortaya heç bir şey çıxara bilmirik. Düzdür, atəşkəs əldə edilib, ancaq ölkəmizdə elan olunmamış müharibə gedir. Mən elə bilirəm, həmin məsələlərə qayıtmaq olar, an­caq bu gün yox.

Allah imkan verərsə, məsələ siyasi yolla həll olunar. Siyasi yolla olmazsa, hörmətli Prezidentimizin dediyi kimi, biz bir qarış torpağımızı da düşmənə verməyəcəyik. Nə vermişiksə, artıqlaması ilə geriyə almalıyıq. Ulu babaları­mızın da verdikləri torpaqların bir hissəsini almalıyıq. Ancaq deputat yoldaşlarımızın bəziləri deyirlər ki, ordumuz güclüdürsə, torpaqları qaytarsın. Bilmirsiniz, biz müharibəni kiminlə etmişik və kiminlə müharibə edirik? Biz, demək olar ki, bu gün bütün dünya ilə üzbəüz dayanmışıq. Qonşumuz İran da, ruslar da bu vəziyyətdədir. Bizə qardaş da deyiblər, 200 ildən yuxarı bir yerdə yaşamışıq. Ancaq yaddan çıxarmaq olmaz ki, biz hansı dinə xidmət edirik, onlar hansı dinə xidmət edirlər?

Uzun müddət, 13 ilə yaxın mən hərbi komissarlıqda bu qa­nunlarla işləmişəm. Ölkəmizin çağırış resursunu bilən bir adam kimi deyirəm. Ola bilər ki, başqa yerdə yayılsın, bun­ları burada geniş danışmaq istəmirəm. Bizim insan resursu ilə bağlı çətinliklərimiz var. Ona görə bu məsələlərə qayıda bil­mərik. Hamıdan xahiş edərdim ki, hörmətli Prezi­den­ti­mizin təqdim etdiyi qanun layihəsinə bir nəfər kimi səs ve­rək, bunu bu gün çeynəyib bir-birimizə ötürməyə ehtiyac yox­dur. Allah qoysa, vaxt gələr, tək oğlanları da əsgərlikdən azad edərik. Lazım olarsa, magistratura məsələsinə də ba­xa­rıq.

Magistratura məsələsi ilə bağlı mən belə bir təklif etdim. Bəzi yoldaşlarımızın dedikləri kimi, şuralar təqdimat ver­sinlər. Ali məktəbi qırmızı diplomla bitirənlər var. Xaricdə ölkəmizə lazımlı olan bəzi ixtisaslar üzrə təhsil alanlar var. Rektorlar təhsil nazirinə, Baş nazirə siyahılar təqdim etsinlər. Həmin siyahılar Respublika Çağırış Komissiyasına təqdim olunar. 50, 100, 500 nəfərin məsələsinə baxmaq olar. Ancaq mən elə bilirəm, bu məsələ öz qüvvəsində qalsa, yaxşı olardı.  Mən bu qanun layihəsinə səs verəcəyəm, hamınızı da səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.

A.Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Əvvəla, onu deyim ki, mən də bu layihəyə ətraflı diqqət yetirmişəm və 9 fəsil 54 maddənin hamısına baxmışam, konseptual, strateji baxımdan çox yaxşı hazırlanmış bir materialdır və mən buna səs verəcəyəm. Lakin mən V fəsil 21-ci maddənin 21.1.4-cü bəndinin əleyhinəyəm. Bu başdan öz fikrimi deyirəm. Hörmətli Əliağa müəllim digər həmkarlardan fərqli olaraq, burada çox gözəl fikirlər səsləndirdi. Mən bunları dəstəkləyirəm. Xüsusilə magistratura və doktoranturada təhsil alan tələbələrə, yəni köhnə qayda ilə desək, aspirant­lara möhlət verilməsi barədə fikirlər səsləndi.

Mən fikrimi tarixi kəlamla başlamaq istəyirəm. Belə bir deyim var: Amerika universitetləri ona görə güclü deyil ki, onlar super dövlət olan Amerikanın universitetləridir. Amerika ona görə güclüdür ki, onun güclü universitetləri var. Ona görə də mən öz fikrimdə qalaraq təklif edirəm ki, magistratura və doktoranturada təhsil alan tələbələrə hərbi xidmətdən möhlət verilməlidir. Fikrimi iki misalla nəzərini­zə çatdırmaq istəyirəm. Mən fasilə vaxtı getdim, bəzi statistik məlumatları götürdüm. Hər il təxminən 120 minə qədər orta məktəb  şagirdi məzun adını alır. Burada hörmətli generallardan öyrəndim ki, hər il cəmi 50 min hərbi çağırışçı olur. Qadın-kişi nisbətini nəzərə alsaq, orta məktəbi bitirənlərin hamısı getsə də, bir az artıq adam qalır. Ola bilər, bəziləri xəstəliyə, bəziləri ailə vəziyyətinə görə azad edilirlər. Ancaq ikinci tərəfdən, kim deyir ki, bu adamlar hər­bi xidmətdən uzaqlaşırlar. 35 yaşına qədər vaxt var, get­sinlər. Ancaq bu cür yanaşmaqla təhsili stimullaşdıra bilərik.

XXI əsr dünyada elm, təhsil əsridir. Dünyanın 200 dövlətini sıraya düzəndə birinci intellektual səviyyə nəzərə alınır. Ona görə də təsadüfi deyil ki, möhtərəm Prezi­dentimizin hər üç sərəncamından ikisi Azərbaycanda elmin, təhsilin inkişafına yönəldilmişdir. Biz bəzən verilən sənəddə bütün fikrimizi bir sahəyə yönəldirik, digərlərini yaddan çıxarırıq. Biz, millət vəkilləri, içi mən qarışıq bir sənəd müzakirə edəndə onun  şaxələri haqqında da fikirləşməliyik. Mən hesab edirəm ki, təhsildə fasiləsizliyi qorumaq üçün magistratura və doktorantura pilləsində hökmən möhlət verilməlidir. Bu, Azərbaycanda təhsili stimullaşdıracaq. Bəli, ali məktəbi bitirəndən sonra yenə getsin hərbi xidmətə. Köhnə qayda var idi. Kim vaxtında dissertasiya müdafiə edərsə, onu hərbi xidmətdən azad edə bilərik.

Burada hörmətli həmkarım Mübariz müəllim yaxşı təklif verdi. Ali məktəblərdə hərbi kafedraların olmasının nəyi pisdir? Burada fikir deyildi ki, hərbdə də savadlılar olmalı­dır. Qoy elmlər namizədləri , magistraturanı bitirənlər xid­mət etsinlər. Ancaq gör nə vəziyyət yaranıb. Mən fasilədə getdim, bir əmr layihəsinə də qol çəkdim, gəldim. Bu il Bakı Dövlət Universitetində  doktoranturaya 84 nəfər qəbul olu­nub, onlardan 52-si qız, 32-si oğlandır. Oğlanların isə 70 faizi qiyabi oxumalıdır. Soruşulur, biz hansı əsgərlərlə elmi inkişaf etdirməliyik? Bu barədə fikirləşmək lazımdır. XXI əsr elm, təhsil əsridir. Ola bilər, intellektual səviyyəmiz elə güclənsin ki, müharibəni bununla uda bilək. Başqa rəqəmlər də var, vaxtın azlığı imkan vermir ki, onları sizin nəzərinizə çatdırım. Bəli, hər il ali təhsil müəssisələrini əla qiymətlərlə bitirənlərin 80–85 faizi qızlardır, yalnız 15–20 faizi oğ­lanlar­dır. Onlar da çalışırlar ki, qiyabi oxusunlar. Bunları nə­zərə alın. Əlbəttə, layihəyə səs verəcəyəm, ancaq bu dü­zəlişin olmasını təkidlə sizdən xahiş edirəm. Diqqətinizə görə sağ olun.  

Sədrlik edən. Vahid Əhmədov.

V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Birinci, qa­nun layihəsi ilə əlaqədar mən çıxışa yazılmışdım. Qanun layi­həsi, mənə elə gəlir ki, müasir dövrü əhatə edir və burada heç bir əlavə düzəlişlərə ehtiyac yoxdur. Bayaq da Ziyafət müəllim qeyd etdi ki, bu qanun layihəsinin qəbul edilməsində əsas məqsəd onu 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya uyğunlaşdırmaqdır. Söhbət bundan gedir. Digər məsələlərə sonra baxmaq olar. Amma mənim bir sualım var. 3. 4-cü  maddəni Konstitusiyanın 76-cı mad­də­si­nə uyğunlaşdırırıq. Yəni vətəndaşın əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, o, həqiqi hərbi xidmətdən azad oluna bilər. Əqidənin müxtəlif formaları var. Dini əqidə, siyasi əqidə, mənəvi əqidə və sair var. Bu “əqidə” deyəndə biz nəyi nəzərdə tuturuq? Dini əqidəni mən başa düşürəm. Bilirsiniz ki, orduda da müəyyən vahabilik sistemləri var idi, indi aradan götürülüb və sair. Amma əqidə əsas götürülərsə, onda istənilən adamı ordudan azad etmək olar. Bu “əqidə” sözü nəyi nəzərdə tutur? Sağ olun.

Sədrlik edən. Sağ olun. Sahib Alıyev.

S.Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Cənab Sədr, hör­mətli həmkarlar!  Mən də bu gün müzakirəyə çıxarılan qa­nun layihəsinin lehinə səs verəcəyəm. Ona görə ki, bu qanun layihəsi hazırkı reallığı özündə tamamilə əks etdirir. Reallıq nədir? Biz görürük ki, beynəlxalq müstəvidə artıq hüququn gücündən yox, güclülərin hüququndan söhbət gedir. Ən azından Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada açıq-aydın nəzərə çarpır ki, nə beynəlxalq normalara, nə də beynəlxalq ədalət prinsipinə əməl etmək istəyən var. Burada söhbət təkcə işğalçı dövlətdən getmir, həm də bu məsələdə vasitəçilik missiyasını üzərinə götürən və beynəlxalq qa­nunların, normaların işlənməsində ən çox iştirak edən, təşəb­büsçü kimi çıxış edən ölkələrdən gedir. Hazırkı qanun layihəsi məhz ordu quruculuğunun daha da gücləndiril­mə­sinə yönəlib. Daha geniş kontingentin orduya cəlb edil­məsinə yönəlib.

Bu, çox ayrıntıları ilə hazırlanmış hərtərəfli bir qanun layihəsidir. Şübhəsiz, bu baxımdan da qanun layihəsinə səs verəcəyəm. Amma bəzi mülahizələr və fikirlərim var ki, bun­ları da sizlərlə bölüşmək istəyirəm. Onlardan biri haq­qında Ziyafət müəllim də çıxışının əvvəlində xəbərdarlıq etdi. Magistratura  məsələsiərbi H haqda, demək olar ki, çıxış edənlərin əksəriyyəti danışdı. Yəni əsas məsələ bu oldu ki, magistrlər hərbi xidmətə cəlb edilsinlər, yaxud edilməsinlər? Çox təəssüf ki, cəmiyyətdə və hazırda qanun layihəsi ilə bağlı ön planda olan məsələ məhz bu məsələdir. Əslində, magistrlərin hərbi xidmətə cəlb edilib-edilməməsi ikinci dərəcəli məsələdir. Əgər söhbət elmdən, elmdə kişilərin sayının azalmasından gedirsə, burada magistrlərin hərbi xidmətə cəlb edilmələrinin, demək olar ki, çox az rolu var. Kişilərin ali məktəblərdə, ümumiyyətlə, məktəblərdə say­larının azlığı arxasında başqa məqamlar dayanır və bu hər kəsə bəllidir. Ona görə də mən bunu demək istəmirəm.

Amma sadəcə, əgər söhbət elmdən gedirsə, mən diqqətə çatdırmaq istəyirəm ki, ümumiyyətlə, hazırda və keçmişdə də hərbi sahə öz elitarlığı ilə seçilib. Gəlin biz unutmayaq ki, Rusiya Avrasiyanın 40 faizinə ancaq bir şeyin sayəsində nail oldu. Avrasiyanın 40 faizini ələ keçirdi, çünki ordusu zadə­ganlar ordusu idi. Həmin zamanlarda zabit namusu, zabit şərəfi, zabit sözü hər şeydən irəli idi, çünki zabitlərin əksəriy­yəti zadəgan idi. Amma müasir ordu, biz görürük ki, əslində, elmi fundament üzərində hazırlanır. Siz fikir verin, İranın nüvə proqramının bir neçə il geri salınmasında əsas rolu nə oynadı? Kompüter virusu, adi bir virus. Yaxud bu yaxınlarda İranın raket sənayesinin atası sayılan Tehrani və bir neçə hərbiçi öldürüldü. Ümumiyyətlə, raket sənayesinə böyük zərbə dəydi. Nəyin hesabına? Adicə bir virusun hesabına, kompüter virusunun hesabına.

Hazırda elmin harada başlandığını və eyni zamanda, hər­b­in harada qurtardığını yəqin etmək çox çətindir. Bu baxım­dan mənə elə gəlir ki, gələcəyin ordusunda məhz pe­şəkar­ların sayının artırılması məsələsi son dərəcə önəmlidir. Abel müəllim də qeyd etdi, əvvəllər bizim ali məktəblərdə hərbi kafedralar var idi. Amma çox təəssüf ki, indi yoxdur. Bu qanun layihəsində də bununla bağlı müəyyən məsələlər var. Mənə elə gəlir ki, xüsusilə fundamental, dəqiq elmlərin ol­du­ğu ali məktəblərdə məhz hərbi kafedraların bərpası zəru­rəti meydana çıxacaq. Siz bir fikir verin. Səudiyyə Ərəbis­tanı bu dəqiqə dünyada ön nöqtədədir. 42,5 milyard dollar pul ayırıb. Amma aldığı texnologiyanın 25 faizi açılmamış qalır. Yəni müasir ordunun nə tələb etdiyi göz qabağındadır. Mənim dillə bağlı da bəzi sözlər...

Sədrlik edən. Hörmətli millət vəkilləri, mən bir az qabaq demişdim ki, fikirlər təkrarlananda artıq mövzu da formadan çıxır. Çox adam təkid edir. Buradakıların əksəriyyəti köhnə deputatlardır, qaydanı bilməlidirlər. Bugünkü qanun layihəsi Konstitusiyaya uyğunlaşdırılma ilə bağlıdır. Ziyafət müəllim çıxışında da dedi ki, qalan məsələlərə baxılması sonrakı mər­hələyə aiddir.

Bundan da əlavə, indi qanun layihəsinin birinci oxunuşu­dur. Hamınız yaxşı bilirsiniz ki, birinci oxunuşda layihəyə konseptual cəhətdən yanaşır, fikir bildirirlər. Bizim bir çox millət vəkilləri layihə haqqında ikinci oxunuş kimi danışır­lar. Xahiş edirəm, çıxışlarınızda konseptual yanaşma gös­tərin və fikirləri təkrarlamayın. Ümumi fikirlər aydın oldu. Gülər Əhmədova.

G.Əhmədova. Təşəkkür edirəm, Oqtay müəllim. Ça­lı­şa­ca­­ğam, təkrarlanan fikirlər olmasın. Hörmətli sədarət, hör­mətli millət vəkilləri! Əlbəttə, bu gün burada səslənən bütün fikirlərin yaşamaq haqqı var. Elmlə məşğul olmaq istəyən adama şərait yaradılmalıdırmı? Əlbəttə, bəli. Hər bir kişi və­təni qorumalıdırmı? Əlbəttə, bəli. Bütün insanlar eyni məş­ğuliyyət növü ilə məşğul olmaq üçün eyni dərəcədə yararlıd­ı­r­­larmı? Əlbəttə, xeyr. Universitetlərdə hərbi kafedralar olmalıdırmı? Əlbəttə, bəli.

Mənə belə gəlir ki,  birinci oxunuşda  bir-birimizə   ve­­­­rəcə­yimiz sualların içərisində ən vacib məqamlardan bi­ri ordumuzun  NATO standartlarına uyğun təşkil edildiyi vaxtda ən çox tənqidə məruz qaldığı hansı məqamdır? Ən çox tənqidə məruz qalan məqam Azərbaycan ordusunda “dedovşina” hallarının ol­ması məsələsidir. “Dedovşina” nəticədir. Səbəb nədir? Təx­minən 5–6 ilə yaxındır ki, parlament divarları arasında mən bu fikri dönə-dönə təkrarlayıram. Azərbaycan ordusunda psixoloji xidmət yoxdur və bu mütləq olmalıdır. Mənə belə gəlir ki, qanun yaradıcıları da bu məsələ ətrafında düşün­məlidirlər. Yəqin ki, burada Müdafiə Nazirliyindən də yol­daşlar var. Mən çox xahiş edirəm ki, bu məsələ ilə əlaqədar qanunvericilikdə bir maddə nəzərdə tutulsun. Azərbaycan ordusunda mütləq psixoloji xidmət olmalıdır. Azərbaycan ordusunda mütləq hərbi psixoloqlar olmalıdırlar. O ki qaldı kadrlar varmı, yoxsa yoxmu? Bəli, kadrlar var. Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında bu sahədə kifayət qədər elmi işlər və hazırlanmış metodikalar da var. Bu baxımdan bir daha təkidlə xahiş edirəm ki, Azərbaycan ordusunda psixoloji xidmətin yaradılması ilə bağlı maddə bu qanunvericilik aktına əlavə edilsin. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.

F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri! Mən hesab edirəm ki, bu qanun layihəsinin ortaya çıxarıl­­ması olduqca vacibdir. Çünki bu sahədə qanun­ve­ricilik olduqca dağınıq bir vəziyyətdə idi. Təsəvvür edin ki, “Hərbi xidmət haqqında” Qanun, ondan əlavə, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun, üstəlik, bunların konkret detallarını tənzimləyən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə elə bir qarışıqlıq yaradıbdır ki, çox zaman hərbi qulluqçuların statusu, onların müəyyən hüquqlarının tanınması baxımından çox ciddi prob­lemlər ortaya çıxır. Bu baxımdan da qanunların birləş­diril­məsi olduqca vacibdir və mən bunu müsbət qarşı­layıram. Amma qeyd olunduğu kimi, bunun Konstitusiyaya uyğunluğu məsələsində, açığı, mən çox da dəqiq bir formulun tapıldığı düşüncəsində deyiləm.

Bildiyiniz kimi, Konstitusiyanın 76-cı maddəsinin birinci hissəsində deyilir ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun yerinə, mən hesab edirəm ki, Konstitusiyaya uyğun şəkildə “Vətəni müdafiə və hərbi xidmət haqqında” Qanun olmalı­dır. Həm iki dəfə “hərbi” sözünün təkrarlanmaması üçün, həm də hərbi vəzifənin, ümumiyyətlə, qanunun kon­teks­tində izahının verilməsi və ondan bəhs edilməsi daha məqsə­də­uy­ğun­dur. Daha geniş, əhatəli bir qanun adının müəyyən edil­məsi daha çox yerinə düşərdi.

Ona görə də bugünkü müzakirələrdə, hesab edirəm ki, hələ də ordunun komplektləşdirilməsində ədalətli bir for­ma­nın tapıldığından söhbət gedə bilməz. Dəfələrlə parlamentdə də bu məsələ qaldırılıb. Konseptual olaraq mən də demək istəyirəm ki, tək oğlan uşağı olan ailələrin möhlət hüququn­dan yararlanması məsələsi gündəmə gətirilməlidir. Çünki təkcə hərbi xidmətə çağırılan insanlardan söhbət getmir. Arxa cəbhədə onların ümidinə qalmış valideynlərin yaşama­larından söhbət gedir. Hər dəfə burada büdcəni müzakirə edəndə deyirik ki, pensiyalar, yaşayış minimumu aşağıdır. Əgər dövlət tərəfindən təminat yetərli deyilsə, pensiya im­kanları məhduddursa, zəifdirsə və bunları təmin etmək müm­kün deyilsə, heç olmasa, belə ailələrin sıxıntıdan qur­tarması üçün bu addımların atılması vacibdir.

Təbii ki, elmin inkişafı üçün də addımlar atıla bilər. Bir çox ali məktəblərdə etiraf edək, məsələn, magistraturaya qəbul üçün 15 yer varsa, hətta kəsilən uşaqların da çoxu orada saxlanılır ki, yer geri çevrilməsin, itməsin. Əgər doğrudan, imtahanlar obyektiv keçirilirsə, mən bunu bütün ali məktəblərə şamil etmirəm, 3–5  layiqli uşaq magis­t­ra­tu­raya girəcəksə və gələcəkdə elmi fəaliyyəti davam etdirəcək­sə, burada heç bir sıxıntı yoxdur. Hərbi quruculuq sahəsində birinci növbədə hərbiçilərin statusu məsələsindən söhbət getməlidir. Bu olduqca vacibdir və təkcə ordu ilə bağlı deyil. Böyük əksəriyyət hərbi xidmətdən tərxis olunandan sonra adi geyim əşyalarını, düşən müavinətləri belə geri ala bilmir. Bunları məhkəmə yolu ilə almağa məcbur olurlar. Ona görə də burada dəqiq tənzimlənmə olmalıdır.

İkinci, tez-tez deyilir ki, ordu güclənməlidir, biz Qarabağ məsələsini həll etməliyik. Mən Qarabağ məsələsinin həllindən daha önəmli olan Azərbaycanda Qəbələ RLS-lə bağlı məsələni də fürsətdən istifadə edib gündəmə gətirmək istəyirəm. Artıq Rusiya bildirir ki, biz burada yeni bir RLS tikəcəyik. Bu, Azərbaycana işğal zonası kimi baxmaqdan başqa bir şey deyil. Biz hərbi doktrinamızda bu məsələlərə münasibətimizi müəyyənləşdirməliyik.  Azərbaycanda Qə­bə­lə RLS-in mövcud binasını  onun istifadəsinə vermişik, bun­dan istifadə edə bilər. Amma yenidən bir bina tikmək, burada qalmaq niyyətini bəyan etmək olduqca yanlışdır. Ona görə də mən Qarabağı işğaldan azad etməzdən öncə Qə­bələni Rusiyanın işğalından azad etməyi vacib hesab edirəm. Xarici İşlər Nazirliyinin də bu istiqamətdə Rusiyaya nota verməsini vacib sayıram. Çünki bu, dövlət müstəqilliyimiz üçün vacib addımdır. Hərbi xidmətlə bağlı məsələdə həm də ordunun kompleksləşdirilməsində neqativ tərəflərə diqqət etməliyik. Baxın, təhsil sistemimiz alt-üst olub. Özünüz gözəl bilirsiniz ki, Azərbaycanda  orta təhsil nə vəziyyət­dədir...

Sədrlik edən. Çox sağ olun. Fazil müəllim, mən heç Sizdən gözləməzdim deyəsiniz ki, Qarabağ məsələsindən vacib məsələ var. Bizim üçün Qarabağ məsələsindən vacib məsələ yoxdur. Sizin, axı, Qəbələ RLS-lə bağlı Azərbaycan tərəfindən qoyulan şərtlərdən xəbəriniz var. Hansı halda bu məsələ həll oluna bilər? Həmin şərtləri öyrənmək lazımdır. Şərtlərini qoyub, tələblərini göndərib, danışıqlar gedir. Hələ heç nə bağışlanmır, heç nə verilmir.

Mən görürəm ki, eyni fikirlər təkrarlanır. Konseptual cəhətdən biz bu qanun layihəsini qəbul edək və ikinci oxunuşda fikirlərimiz olsa, deyərik. Çıxışları qalanlar yazılı şəkildə versinlər. Bir nəfərə, Musa Qasımlıya söz verirəm, sonra səsverməyə keçirik. Musa Qasımlı buyursun.

M.Qasımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən cənab Sədrimizə qanun layihələrinin geniş müzakirələri üçün şərait yaratdığına görə təşəkkür edirəm. Hesab edirəm ki, millət vəkillərimiz səbirlə bir-birlərini dinləməlidirlər. Özləri danışdıqdan sonra “səsə qoyaq” deməməlidirlər.

Qanun layihəsi konseptual baxımdan tamamilə doğrudur. Ona səs verəcəyəm və hesab edirəm ki, bu qanun layihəsi cənab Prezidentimiz başda olmaqla ölkəmizdə həyata keç­i­ri­lən dərin islahatların tərkib hissəsidir. Biz bunu xüsusi vur­ğulamalıyıq. Fikrimcə, qanun layihəsinə birmənalı münasi­bət olmalıdır. Hər bir Azərbaycan vətəndaşı hərbi xidmət keç­məlidir. Möhlət məsələlərində biz kifayət qədər, hörmətli cənab Sədr, ehtiyatlı olmalıyıq. Əhalisi bizim əhalimizdən az olan ölkələrin ordularının sayını öz ordumuzun sayı ilə müqa­yisə edək. Onda görərik ki, bizim üçün milli  maraq­la­rı­­mız baxımından hansı önəmlidir. Mən hesab edirəm ki, or­du­­da hər bir vətəndaşın xidmət etməsi ən birinci yerdə gəlir.

İkinci,  hörmətli cənab Sədr, bizim xaricdəki nümayən­də­lik­lərimizdə, səfirliklərimizdə hərbi attaşelərimiz xidmət edir­lər. Burada onlardan bir kəlmə deyilmir. Bizim hərbi el­mi müəssisələrimizdə, akademiyalarımızda xidmət keçirilir. Bunlar da hərbi xidmət sayılır. Qanun layihəsində bu barədə heç bir şey yoxdur. Hesab edirəm ki, bu qanun layihəsində hərbi komandirlərin yerlərinin dəyişdirilməsi məsələsi öz ək­sini tapmalıdır. Hər bir yüksək rütbəli zabit cəbhə bölgəsində müəyyən bir müddət xidmət etməlidir.

Hörmətli cənab Sədr, VIII fəsildə xaricilərin və vətən­daş­lı­ğı olmayan şəxslərin hərbi xidmətə qəbul edilməsi məsələ­sin­­dən bəhs olunur. Ziyafət müəllim bu məsələləri dəqiq və mükəmməl bilən yoldaşımızdır. Həmin məsələ dəqiq ifadə olunmalıdır. Sonradan bununla bağlı bizim üçün problemlər yarana bilər.

Nəhayət, mən, ümumiyyətlə, əqidəsinə görə alternativ xid­məti Azərbaycanın milli maraqları baxımından ziyanlı he­sab edirəm. Bu, bəzi təşkilatların şərtləridir. Amma gələ­cək­də bizim millətimizi bir-birinə qarşı qoymaq, ordumuzu zəif­lətmək üçün bunu bir vasitə hesab edirəm. Fikrimcə, buna da aydınlıq gətirilməlidir.

Nəhayət, hörmətli cənab Sədr, bu qanun layihəsində ordu­mu­zda gözəl bir ənənənin yaradılmasından ötrü mütləq hərbi xid­mətdən tərxis olunan şəxslərin sosial məsələlərinə ayrıca bir bəndin ayrılmasını vacib hesab edirəm. Bir daha qanun layihəsini hazırlayanlara təşəkkürümü bildirirəm. Bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Çox sağ olun.  Elmira xanım, Siz artıq çı­xış etmisiniz. Niyə tələsirsiniz? Ziyafət müəllim, xahiş edi­rəm, verilən sualları cavablandırın.

Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli depu­tatlar! Mən sizin hamınıza qanun layihəsinin müzakirə­sin­də fəal iştirak etdiyinizə görə təşəkkür edirəm. Burada xeyli fikirlər səsləndi. İcazənizlə, mən həmin məsələlərə qısa da olsa cavab verməyə çalışacağam.

Qüdrət müəllim burada iki çağırış məsələsini qaldırdı. Cə­nab Prezidentin fərmanı ilə yanvarın 1-dən növbəti çağırış baş­lanır. Bu gün artıq qəzetlərdə dərc olunur. Hazırda bizdə 4 çağırış mövcuddur. Bu məsələ ilə şəxsən mən özüm də maraqlanmışam. Komitə iclasında hörmətli həmkarlarımız da bu məsələni qaldırdılar.

Biz hərbi ekspertlərlə bir yerdə araşdırma apardıq və on­lar məni inandırdılar ki, həqiqətən, bu gün Azərbaycanın iki ça­ğı­rış sisteminə keçməsi mümkün deyil. Niyə mümkün de­yil? Məlum oldu ki, 18 ay xidmət müddətini nəzərə alsaq, eyni vaxtda hərbi hissələrdə 6 çağırışın hərbi qulluqçuları xidmət edirlər. Fikir verin. Hər çağırış zamanı şəxsi heyətin altıda bir hissəsi, yəni 16,6 faizi dəyişdirilir. İldə 2 dəfə çağırış sisteminə keçid zamanı xidmət müddəti 18 ay sax­lanı­larsa, eyni vaxtda hərbi hissələrdə 3 çağırışın hərbi qul­luq­çuları xidmət edəcəklər. Hər çağırış zamanı şəxsi heyətin üçdə bir hissəsi, yəni 33,3 faizi təzələnəcək. Hazırlıqlı şəxsi heyət isə üçdə iki hissə, yəni 66,6 faiz təşkil edəcək. Bu 66,6 fa­iz isə bizim qanunvericiliyimizə ziddir. Niyə? Silahlı Qüv­və­lər haqqında qanunlara və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə görə ordunun 75 faizi döyüş hazırlığına malik olmalıdır. Bu qayda bütün dünya ordularında qəbul olunub. Əgər biz iki çağırış siste­mi­nə keçsək, maksimum 66,6 faiz alınacaq. Bəs çıxış yolu nə­dən ibarətdir? Əgər biz onda 2 dəfə çağırış sisteminə keçsək, yəni 18 ay əvəzinə 24 ay müəyyən etsək, bunu keçirə bilə­rik. Amma 24 ay həqiqi hərbi xidmətə də siz razı olmaya­caq­­sınız, məlum məsələdir.

Burada çıxış edən bəzi deputatlar hərbi xidmətin 1 il və 6 ay olmasını təklif etdilər. Biz 2 illik xidmət sisteminə keçsək be­lə, bunun üçün 4–5 il vaxt lazım gələcək. Çünki biz qalan 6 ayın yerini doldurmaq üçün məsələni ilbəil tənzim­lə­mə­li­yik. Ona görə də biz hazırda iki dəfə çağırış sisteminə keçə bil­mirik. Hesab edirəm, bu, bizim hərbi ekspertlər tərəfindən əsaslandırılmış bir dəlildir. Hesab edirəm ki, bu hazırda mümkün deyil.

Qeydiyyat və uçot məsələsi ilə bağlı Jalə xanım məsələ qaldırdı. Çox haqlı sualdır. Amma hesab edirəm ki, bunlar ta­­ma­milə fərqli anlayışlardır. Hörmətli Jalə xanım, iş bura­sın­­dadır ki, qeydiyyat məsələsində biz yalnız çağırışçıları nəzər­də tuturuq. Hərbi komissarlıqda onları qeydə alırıq. Uçot məsələsi isə həm çağırışçılar, həm də ehtiyata buraxı­lan­lara aiddir. Biz bilməliyik ki, nə qədər çağırışçımız var, nə qədər ehtiyata buraxmışıq. Onların uçotu aparılır.

Elmira xanım hərbi qulluqçuların iş yerlərinin saxlanması ilə bağlı sual verdi. Sizin sualın cavabı “Hərbi qulluqçuların statusu haqqında” Qanunda əksini tapıb. Onların iş yerləri saxlanılır. Nəinki iş yerləri saxlanılır, onların maddi təminat­la­rı da həmin qanunda öz əksini tapır.

Burada Çingiz müəllim Qənizadə çox maraqlı suallar ver­di. Amma onların içərisində mənim diqqətimi ən çox çəkən məh­kumluğun ödənilməsi ilə bağlı idi, Çingiz müəllim. Sizin bir uşağı olan ailələr haqqında verdiyiniz suallara cavab verəcəyəm. 22.1.2-ci maddəyə görə “əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar” çağırışdan azad edi­lir­­lər. Hesab edirəm ki, burada anlaşılmazlıq yoxdur.

Hörmətli həmkarlarımız Leyla xanım Abdullayeva və Musa Qasımlı hərbi attaşelər,  diplomatlar barədə məsələ qal­dırdılar. Məlumat üçün sizə deyim ki, həmin məsələ bu qa­­­nu­nun predmeti deyil. Bizim diplomatik fəaliyyət haqqında qanunlarımız var, Leyla xanım. Həmin qanunlarda bu məsələlərə tamamilə aydınlıq gətirilib.

Azər müəllim Badamov hərbi vətənpərvərlik məsələsini qaldırdı. Mən tamamilə tərəfdaram. Onu da deyim ki, bu qanun layihəsində həmin məsələ ilə bağlı kifayət qədər müddəalar var, Azər müəllim. Əlbəttə, kim buna tərəfdar ola bilməz? Hamı istəyər ki, orta və ali məktəblərdə...

Yeri gəlmişkən, ali məktəblərdə hərbi kafedra məsə­lə­lərini burada hörmətli Adil müəllim qaldırdı. Mən buna ta­ma­milə tərəfdaram. Qanun layihəsində də bu məsələ üçün yer var. Qanun bunu heç vaxt qadağan etmir və əgər Mü­da­fiə Nazirliyi ilə Təhsil Nazirliyi razılığa gəlib bu işi görsələr, qanun bu məsələni tənzimləyər.

Vahid müəllim maraqlı sual verdi. Konstitusiyamızın 76-cı maddəsində alternativ xidmət nəzərdə tutulur. Alternativ xidmətə kimlər dəvət olunurlar? Keçən iclasların birində Siyavuş müəllim bu məsələyə mükəmməl aydınlıq gətirdi. Sadəcə, yadınıza salmaq istəyirəm. Vaxtı ilə biz həmin qanun layihəsini hazırlamışdıq. Sonra həmin qanun layihəsi ekspertiza üçün Venesiya komissiyasına göndərildi. Nə vaxt ekspertiza edib bizə göndərəcəklər, mən onu deyə bilmərəm. Amma şəxsən mən nə qədər ki Azərbaycan Ermənistanla müharibə şəraitindədir, bu qanunun qəbul edilməsinə tərəf­dar deyiləm.

İndi keçək başqa bir məsələyə. Əqidə deyəndə nə nəzərdə tutulur? Bu qanun layihəsi hazırlananda, Vahid müəllim, biz 33 dövlətin alternativ xidmət haqqında qanunvericiliyini əl­də etdik. Orada 3 əsas məsələ göstərilir. Demək, dini, mə­nə­vi-estetik, bir də, fəlsəfi görüşlərinə görə əlinə silah ala bil­mə­yən şəxslər kateqoriyası var. Bilirsiniz ki, məsələn, bap­tis­tlər əllərinə silah ala bilməzlər. Amma əgər söhbət va­ha­bi­lər­dən gedirsə, vahabilər niyə əllərinə silah ala bilmirlər? Am­ma yeri gəlmişkən, mən bir məsələyə də aydınlıq gə­tirim. Dini, mənəvi-estetik, fəlsəfi görüşlərinə görə əlinə silah ala bilməyən şəxslər göstərilərsə, bəzi insanlar bundan sui-istifadə edib sabah deyə bilərlər ki, mən baptistliyi qəbul etdim. Amma bu, birgünlük məsələ deyil. Bu gün mü­səl­man­dır, sabah baptist oldu? Bunun da çıxış yolu var.

Sahib müəllim burada peşəkar ordu və hərbi kafedra ilə bağlı məsələ qaldırdı. Mən artıq həmin məsələyə aydınlıq gətirdim. Əlbəttə, biz tədricən  peşəkar orduya keçəcəyik. Amma bu gün hələ tam keçmək imkanımız yoxdur.

Gülər xanım orduda “dedovşina” məsələsini qaldırdı. Mən sizinlə razıyam ki, bəli, orduda psixoloji xidmət an­la­yı­şı gücləndirilməlidir. Hesab edirəm ki, hər kəs buna tərəf­dar­dır. Mən özüm də buna tərəfdaram.

Fazil müəllim belə bir fikir səsləndirdi ki, qanun layi­həsinin adı ilə razı deyil. Fazil müəllim, əslində, bu günə qədər hərbi xidmətlə bağlı qəbul etdiyimiz qanunların ha­mısı Vətənin müdafiəsi ilə bağlıdır. Hətta mülki qanunveri­cili­yimiz belə, Vətənin müdafiəsi ilə bağlıdır. Vətənin mü­dafi­əsini bir bu qanuna bağlamaq olmaz. Bizim Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanunlarımız, “Hərbi qulluqçuların statusu haqqında” Qanun, “Azərbaycan Respubli­kası Silahlı Qüvvələri Qarnizon və qarovul xid­mətləri nizamnaməsi” var. Digər çoxlu qanunlarımız var. Bunl­arın hamısının məcmusu Vətən uğrunda, Vətənin mü­dafiəsi haqqında qanundur. Təşəkkür edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layi­həsinə birinci oxunuşda münasibət bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 16.45 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti, sonuncu məsələmiz Mədəni bitkilərin genetik ehti­yatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qa­nun layihəsinin ikinci oxunuşudur. Buyursun Eldar müəllim İbrahimov.

E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.

Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mə­dəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifa­dəsi haqqında Azərbaycan Respublikası qanunu layi­hə­sinin Milli Məclisin plenar iclasında birinci oxunuşu zamanı hörmətli deputat həmkarlarım Gülər Əhmədova, Aytən Mus­tafayeva, Tahir Rzayev, Leyla Abdullayeva, Fərəc Quliyev, Aqil Abbas və Aqrar siyasət komitəsinin iclasında ikinci oxu­nuşun müzakirəsində komitə üzvləri Eldar Quliyev, Ərəstun Cavadov, Arif Əşrəfov, Mahir Aslanov və İqbal Məm­mədov qanun layihəsinin vacibliyini, aktuallığını və qə­bul edilməsinə ehtiyac olduğunu, mədəni bitkilərin gen­e­tik ehtiyatlarının mühafizəsində, elmi tədqiqatların aparıl­ma­sında, ətraf mühitin, təbii aləmin qorunub saxlanılmasında, yüksək məhsuldar yeni bitki sortlarının yaradılmasında mühüm əhəmiyyətə malik ola biləcəyini bildirmişdilər.

Qanun  layihəsi ilə əlaqədar həm deputat həmkarlarım, həm də bu sahənin alim və mütəxəssisləri bir çox iradlar, rəy və təkliflər də bildirmişdilər. Bu təkliflərə işçi qrupunda diq­qətlə baxılmış, hərtərəfli müzakirə edilmiş və qanun layi­həsinin maddələrində 70-dən artıq əlavələr və dəyişik­li­k­lər edilmiş, layihəyə yeni müddəalar əlavə edilmiş, 8 müddəa layihədən çıxarılmışdır. Layihə dil və üslub baxımından re­daktə edilərək xeyli təkmilləşdirilmişdir. Mən qanun layihəsi barədə fikirlərini bildirən və tövsiyələrini verən bütün deputat həmkarlarıma komitəmizin üzvləri adından min­nətdarlığımı bildirirəm. Eyni zamanda, müzakirələr zamanı səsləndirilən təkliflərə münasibətimi bildirmək və layihədə edilən dəyişiklikləri diqqətinizə çatdırmaq istəyirəm.

Birinci oxunuşda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siya­səti­nin istiqamətləri” adlanan 5-ci maddə ilə 6-cı maddə, demək olar ki, eyni məsələlərə həsr olunduğuna görə, oxşar müd­dəalar layihədən çıxarılmış, qalan müddəalar dövlətin vəzifələrinə aid olduğu üçün “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlətin vəzifələri” adlanan 6-cı maddəyə keçirilmişdir. Buraya həmçinin 6 yeni müddəa əlavə edilmişdir.

Bundan başqa, birinci oxunuşda çıxış edən, demək olar ki, əksər deputat həmkarlarım çox düzgün olaraq geni dəyiş­diril­miş və ya modifikasiya olunmuş bitkilərdən, ölkəyə gə­ti­rilən belə məhsullardan, onların insan orqanizminə zi­yanından böyük narahatlıqla danışdılar. Çox təəssüf ki, geni dəyişdirilmiş bitkilərin və genom mənşəli məhsulların istehsalı, satışı, idxalı qəbul edəcəyimiz qanunun predmeti deyil. Bu qanunun məqsədi mədəni bitkilərin genetik eh­tiyat­larını indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanılmasını, onların ərzaq məhsulları istehsalında, kənd təsərrüfatı işlərinin davamlı aparılmasında, elmi tədqiqat, seleksiya və digər fəaliyyətlərdə istifadəsini, bitki material­larına olan ehtiyacın ödənilməsini, habelə dövlətin ərzaq, eko­loji və bioloji ehtiyatlarının yaxşılaşdırılmasını təmin et­mək­dən ibarətdir.

Mən də sizinlə razıyam ki, bu gün ölkəyə genetik modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, geni dəyişdirilmiş bitki növlərinin toxumları da gətirilir. Halbuki mən bunu keçən dəfə də dedim, 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsi ilə genom mənşəli bit­ki­lərin toxumlarının idxalı qadağan olunmuşdur. Digər tərəf­dən, 2008-ci ildə qəbul edilmiş “Ekoloji təmiz kənd təsər­rüfatı haqqında” Qanunun 6.5, 16.9 və 18.4-cü maddələrində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadənin məhdudlaşdırılmasına dair müddəalar öz əksini tapmışdır. Heç şübhə yoxdur ki, bu məsələlər daha ətraflı və sistemli şəkildə qanunvericilik nöqteyi-nəzərindən nizama salınmalı, dövlət tərəfindən tənzimlənməlidir.

Bu gün inkişaf etmiş bütün dövlətlərdə, o cümlədən Azərbaycanda böyük narahatlıqla qarşılanan GMO mənşəli kənd təsərrüfatı və ərzaq məhsullarının həm istehsalı, həm də dövriyyəsi məsələləri barədə xüsusi qanun hazırlan­malı­dır. Biz belə bir qanun layihəsinin hazırlanmasını müzakirə etdiyimiz qanun layihəsinin 21-ci maddəsinə daxil etmişik. Bura­da deyilir: “Geni dəyişdirilmiş bitkilər, eləcə də biotex­noloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları üzrə elmi tədqiqat, seleksiya, sort-sınaq, istehsal, emal, satış və digər fəaliyyətlər Azər­bay­can Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir”.

Buna baxmayaraq, hörmətli deputat həmkarlarımın nara­hat­lıq­larını, qaldırdıqları məsələnin vacibliyini nəzərə alaraq elə bu qanun layihəsinin “Geni dəyişdirilmiş bitkilərlə dav­ranma” adlanan 21-ci maddəsinə aşağıdakı 3 yeni müddəanı əlavə etmişik: “Azərbaycan Respublikasının ərazisinə geni dəyişdirilmiş bitki genetik materiallarının gətirilməsi, sınağı, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qa­dağan­dır. Ölkə daxilində geni dəyişdirilmiş bitkilərin möv­cudluğu və yayılma zonası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun aşkarlanır, bu bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar və texniki normalar qəbul edilir. Azərbaycan Res­publikasına idxal olunan bütün genetik materiallar ölkənin göm­rük sərhədindən keçirilərkən geni dəyişdirilmiş olub-olma­ması cəhətdən yoxlanılır və geni dəyişdirilmiş material­ların hərəkətinə icazə verilmir”.

Bu məsələ ilə əlaqədar sonda onu da demək istəyirəm ki, geni dəyişdirilmiş bitkilərlə davranma sahəsində qanun layihəsi də artıq müvafiq dövlət orqanları tərəfindən hazır­lan­mış və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə rəyə göndərilmişdir. Yəqin, çox çəkməz ki, müzakirə üçün Milli Məclisə təqdim olunar.

Hörmətli deputat həmkarlarım, mən qısa çıxışımda birinci oxunuşdan sonra qanun layihəsinə edilən əlavə və dəyişik­liklər barədə məlumatları sizə çatdırdım. Aqrar siyasət komitəsi hesab edir ki, Mədəni bitkilərin genetik ehtiyat­larının mü­ha­fi­zə­si və səmərəli istifadəsi haqqında Azər­bay­can Res­publi­kasının qanun layihəsi ikinci oxunuşun tələb­lərinə cavab verir və müzakirəyə hazırdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Başqa fikir yoxdursa, qanun layihəsini səsə qoyaq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Birinci növbədə qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə səs verəsiniz.

 

Səsvermənin nəticələri  (saat 16.53 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Qanun layihəsini fəsil-fəsil səsə qoyuruq. I–IV fəsillərə münasibət bildirin.

 

Səsvermənin nəticələri  (saat 16.54 dəq.)

Lehinə  95

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  95

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 16.54 dəq.)

Lehinə  94

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  94

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Təklif edildi ki, qanun layihəsini elə üçüncü oxunuşda da səsə qoyaq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə üçün­cü oxunuşda da münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 16.55 dəq.)

Lehinə  93

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  93

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Növbəti iclasımız dekabr ayının 23-də olacaq. Sağ olun.

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU