07.03.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 35

Milli Məclisin iclas salonu.
7 mart 2012-ci il.


İclasa Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini Z.Əsgərov sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Mixeil Saakaşvili, Gürcüstan Prezidenti.
Gürcüstanın nümayəndə heyətinin üzvləri.

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Zaur Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Vüqar Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Zemfira Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, İqbal Ağazadə, Əli Məsimli

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Gürcüstan Prezidenti M.Saakaşvilinin çıxışı dinlənilmişdir.

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Elmira Süleymanova, Əli Məsimli, Musa Qasımlı, Mübariz Qurbanlı, Rafael Cəbrayılov, Kamilə Əliyeva, Bahar Muradova, Çingiz Qənizadə, Astan Şahverdiyev, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.15 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev, Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.27 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.30 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Tahir Rzayev, Etibar Hüseynov, Qənirə Paşayeva, Aqil Abbas, Tahir Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.42 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında”Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

12. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Rafael Cəbrayılov, İlyas İsmayılov, Siyavuş Novruzov, Çingiz Qənizadə, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.11 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini Z.Əsgərov


MİLLİ MƏCLİSİN İCLASI

7 mart 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 94
Yetərsay  83

Yetərsay var. Gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi. Çox sağ olun.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl, hörmətli deputatlar, sizə bir məlumat vermək istəyirəm. Bilirsiniz ki, Gürcüstan Prezidenti cənab Mixeil Saakaşvili iki gündür Azərbaycanda səfərdədir və proqrama görə Milli Məclis qarşısında çıxış edəcək. Hazırda ali qonağın Milli Məclisin Sədri cənab Oqtay Əsədovla görüşü keçirilir. Bir azdan o bizim zala təşrif buyuracaq. Buyurun, yazılın, zəhmət olmasa. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən ilk növbədə Milli Məclisin xanımlarını 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirəm. Onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edir, hər birinə uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər, ailə səadəti arzulayıram. Hesab edirəm ki, harada xanımların ictimai-siyasi aktivliyi var, orada həm cəmiyyətin problemlərinin həlli, həm də əxlaq, tərbiyə və mədəniyyət var. Arzu edirəm ki, Azərbaycanda gender bərabərliyi elə səviyyədə olsun ki, inşallah, bir gün bu Məclisin yarısı xanımlardan ibarət olsun.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, bizim müsəlman təqvimi ilə Novruz bayramı həm də yeni il deməkdir. Qarşıdan yeni il gəlir, Novruz bayramı gəlir. İndi deyəcəyimi mən bir neçə dəfə Məclisdə səsləndirmişəm. Mən çox istərdim ki, bu Novruz bayramı münasibətilə Milli Məclis amnistiya aktı ilə çıxış etsin və Azərbaycanda bu gün həbsdə olan xeyli insan bu yeni ili – Novruz bayramını öz evində qarşılasın, ailəsi ilə, doğmaları ilə bir yerdə keçirtsin.
Mənim fikrimcə, bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhvaliruhiyyə, yeni bir stimul yaradar. Güman edirəm ki, bu amnistiya həm 2 aprel aksiyası zamanı tutulanlara, həm də Bəxtiyar Hacıyevə və bu kateqoriyadan olan digər insanlara şamil olunacaq. Düşünürəm ki, 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək Avroviziya Avropa ölkələrinin hamısının iştirakını nəzərdə tutur. Bu da ölkəmiz üçün ciddi bir tədbirdir. Bu tədbir öncəsi elan olunan amnistiya, hesab edirəm ki, beynəlxalq aləmdə Azərbaycan ilə bağlı səslənən mənfi fikirlərin hamısına bir nöqtə qoyar.
Əgər Milli Məclis amnistiya aktını hazırlayıb çatdıra bilmirsə, Milli Məclis adından cənab Prezidentə müraciət eləyək, cənab Prezident əfv fərmanı ilə bu şəxslərin həbsdən azad olunmasına sərəncam versin. Hesab edirəm, cənab Prezident parlamentin bu müraciətini dinləyər və insanlarımız bu bayramları həm yeni bir əhvali-ruhiyyə ilə ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, vətəndaş birliyi şəraitində qarşılayar, həm də Azərbaycanda yeni mühit yaranar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mən fürsətdən istifadə eləyərək Milli Məclisin və Milli Məclis Aparatının xanımlarını, eləcə də Milli Məclisin işini işıqlandıran media nümayəndələri olan xanımları 8 Mart bayramı münasibətilə təbrik edir, onlara uzun ömür, can sağlığı, həyatın bütün sahələrində uğurlar və ürəklərində olan bütün arzularının həyata keçməsini arzulayıram. Əslində, mən bu bayramın özünün də bir balaca korrektə edilib 8 Mart Beynəlxalq qadınlar günü əvəzinə 8 Mart Xanımlar günü olmasını arzulayardım. O halda bu, həmin bayramın Azərbaycan variantında çox uğurlu bir forması olar.
Gündəlik məsələlərlə bağlı mən bir məqama toxunmaq istəyərdim. Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdə dövlət başçısı səviyyəsində daha çox diqqət yetirilən məsələ regionların qazlaşdırılması məsələsidir. Bu məsələ ilə bağlı bir il bundan qabaq bir kəndin qrafikdə gecikmiş qazlaşdırılmasının açılışında iştirak eləyəndə mən düşünmüşdüm ki, artıq Şəkidə də bu istiqamətdə işlər sürətləndiriləcək və qrafik üzrə gedəcək, ilin sonuna qrafikdə nəzərdə tutulan kəndlərin qazlaşdırılması onların sakinləri üçün Yeni il hədiyyəsi olacaq. Amma çox təəssüflər olsun ki, bu qrafik gecikməkdə davam elədi və nəinki Yeni il, heç Novruz hədiyyəsi də eləmək mümkün olmadı. Yəni həmin kəndlərə hələ də qaz çəkilməmişdir.
Ona görə bu məsələni mən bir daha əlaqədar təşkilatların qarşısında qaldırmağı vacib hesab edirəm. Şəkinin kəndlərinin qazlaşdırılması səviyyəsi orta Azərbaycan göstəricisindən dörd dəfə aşağıdır. Bu da həmin kəndlərdə yaşayan əhalinin güzəranına mənfi təsir göstərir, ekoloji cəhətdən gizli problemlər yaradır, meşələr qırılır. Elə kəndlər var ki, yaxınlığında meşə də yoxdur. Bu kəndlərdə odun meşə yaxınlığında olan kəndlərdəkindən bir neçə dəfə bahadır ki, bu da həmin insanların ailə büdcəsinə böyük zərbə vurur. Mən əlaqədar təşkilatlara bir də müraciət edirəm. Ötən ilin…
Sədrlik edən. Əli müəllim, üzr istəyirəm, qonaqlar daxil olur.

(Gürcüstan Prezidenti M.Saakaşvili
Milli Məclisin Sədri O.Əsədovun müşayiəti
ilə iclas salonuna daxil olur.)

O.Əsədov, Milli Məclisin Sədri.
Hörmətli millət vəkilləri, hörmətli qonaqlar, xanımlar və cənablar! Azərbaycanda rəsmi səfərdə olan dost Gürcüstan Prezidenti hörmətli Mixeil Saakaşvili bu gün Milli Məclisə təşrif buyurmuşdur.
Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Biz bu dostluğu əsrlər boyu möhkəmləndirmiş və indiki yüksək səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır və hər sahədə bir-birinə dəstək verirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstan Prezidenti cənab Mixeil Saakaşvili arasında mövcud olan səmimi münasibətlər dövlətlərarası əlaqələrin dinamik inkişafına çox böyük dəstək verir.
Ölkələrimizin yaxından iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilmişdir. Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri həm xalqlarımıza fayda gətirir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hazırda birgə səylərimizlə digər layihələr, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi həyata keçirilir. Nəzərdə tutduğumuz AGRİ layihəsi Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında ən perspektiv marşrutlardan biridir.
Hörmətli millət vəkilləri, Azərbaycan və Gürcüstanın problemləri də oxşardır. Hər iki dövlət separatizm meyillərindən, ərazilərinin işğalından əziyyət çəkir. Bu, ölkələrimizin inkişafı yolunda dayanan ən böyük maneədir. Amma beynəlxalq hüquq, dünya birliyinin dəstəyi bizim tərəfimizdədir. Şübhə yoxdur ki, gec-tez bu problemlər də öz həllini tapacaq və dövlətlərimizin ərazi bütövlüyü bərpa ediləcəkdir.
İndi isə çıxış üçün Gürcüstan Prezidenti cənab Mixeil Saakaşviliyə söz verilir. (Alqışlar.)

GÜRCÜSTAN PREZİDENTİ M.SAAKAŞVİLİNİN ÇIXIŞI

Hörmətli Milli Məclis üzvləri, hörmətli Azərbaycan xalqının nümayəndələri, hörmətli Sədr! Bu parlamentə müraciət etmək mənim üçün böyük şərəfdir. Mən buraya həmişəki kimi böyük məmnuniyyətlə gəlmişəm. Hər dəfə Bakıya gələndə məni şəhərin və bütövlükdə ölkənin təsəvvüredilməz inkişafı heyran edir. Onun 10 və ya 20 il, hətta 2 il bundan qabaqkı görkəmini xatırlamaq gözlərimiz və ağlımız üçün əsl çağırışdır. Axı indi o tamam başqa görkəm almışdır.
Azərbaycan fövqəladə sürətlə inkişaf etmişdir, indi beynəlxalq aləmdə böyük oyunçudur. BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünüz bu inkişafın təsdiqidir. Gürcüstan sizin əsl dostunuz və strateji tərəfdaşınız olaraq buna yalnız sevinə və uğurlarınızla fəxr edə bilər.
Mən bu gün dövlətlərimiz arasında strateji tərəfdaşlığın nə qədər həyati əhəmiyyət daşıdığını xüsusi olaraq nəzərə çarpdırmaq üçün buradayam. Əslində, bu, strateji tərəfdaşlıqdan dəfələrlə artıqdır. Bizi ümumi keçmişimizin şərəfli xatirəsi və ümumi dinc və azad gələcəyə eyni dərəcədə can atmağımız birləşdirir. Bizim dostluğumuz əsrlərin sınağından çıxmışdır. Azərbaycan və Gürcüstan hər ikisi qədim millətlər, lakin çox gənc, müstəqil dövlətlərdir. Onlar həmişə ümumi çağırışlara cavab verməli olmuşlar və bu gün də cavab verirlər. Başlıcası isə onlar bu çağırışlara əlbir olaraq birlikdə cavab vermişlər və cavab verirlər. Bu, yalnız qədim vaxtların deyil, həm də yaxın keçmişin dərsidir.
Əziz dostlar! Mən tarixçi olmasam da, bu günün gələcəyə necə təsir göstərdiyini başa düşmək istəyən hər hansı lider kimi tarixə nəzər yetirirəm. Bu gün bizim tariximizə müraciət etmək və Azərbaycan–Gürcüstan dostluğunun uzun əsrlərdən keçib gələn nəğməsini ürək çırpıntısı ilə səsləndirmək istərdim. Bu, bizdən dəfələrlə güclü olan xarici qüvvələrin 2008-ci ildə ölkəmizə soxularaq mövcudluğumuzu təhdid etdiyi zaman bizimlə çiyin-çiyinə dayandığınız vaxt səslənən nəğmədir. Bu melodiya qədim dövrlərdən – Qafqaz Albaniyası və İberiya, kiçik Gürcüstan krallıqları və Azərbaycan xanlıqları dövründən, orta əsrlərin Qurucu David çarlığı və böyük Şirvanşahlar dövründən baş alıb gəlir. Onun sədaları bizim ilk respublikalarımızın xatirəsini canlandırır. O bizə xatırladır ki, qələbədə də, məğlubiyyətdə də biz xristian və ya müsəlman, bütpərəst və ya kommunist olmasından asılı olmayaraq çox güclü işğalçılara qarşı həmişə birlikdə olmuşuq.
Təsadüfi deyildir ki, böyük gürcü çarı Qurucu David öz sevimli qızını müttəfiqlik rəmzi olaraq Şirvanşah Mənuçöhrə ərə vermiş və bu müttəfiqlik bir qədər sonra 1195-ci ildə Şamxor yaxınılığında birlikdə daha güclü düşmənə qalib gəlmək imkanı vermişdir. II İraklinin müstəqillik və azad Qafqaz uğrunda mübarizəsində ən yaxın müttəfiqinin qubalı Fətəli xan olması da, sadəcə, təsadüf deyildir. O da təsadüfi deyildir ki, 1919-cu ildə gənc dövlətlərimiz Denikinin qüvvələrindən müdafiə olunmaq üçün müqavilə bağlamışlar. İcazə verin, bu müqavilənin birinci paraqrafını sitat gətirim: “Razılığa gələn tərəflər bu müqaviləni bağlayan respublikalardan birinin və ya hər ikisinin müstəqilliyinə və ya ərazi toxunulmazlığına təhlükə törədən hər hansı hücuma qarşı bütün silahlı hərbi qüvvə və vasitələrlə birlikdə çıxış etməyi öhdələrinə götürürlər”.
Əziz dostlar! Ölkələrimizi təkcə siyasi müttəfiqlik bir-birinə bağlamır. Bu müttəfiqlik təkcə ümumi təhlükələrdən doğmur. Onun daha dərin kökləri vardır. Mədəniyyətlərimizin, dillərimizin, mətbəxlərimizin, belə demək mümkünsə, qəlblərimizin qarşılıqlı təmasları daim olmuşdur və bu gün də davam edir. XII əsrin böyük Azərbaycan şairi Nizami Gürcüstana məhəbbətini ifadə etmiş, o dövrlərin başqa bir dahisi, mədəniyyətinizin incisi Xaqani hətta poetik əsərlərinin bəzi sətirlərində gürcü sözlərindən istifadə etmişdir. Aşıq poeziyasının zirvəsi Vidadi isə öz əsərlərinin çoxunu II İraklinin sarayında mirzəlik edərkən yazmışdır.
Qoridə təhsil almış Üzeyir Hacıbəyovdan Tbilisidə dünyaya gəlmiş Rəşid Behbudovadək Azərbaycanın bir çox böyük musiqi ustadlarının Gürcüstanla sıx əlaqəsi olmuşdur.
Bundan başqa, çar işğalı zamanı paytaxtımız Azərbaycan mədəniyyətinin və intellektual həyatının qaynar mərkəzi olmuşdur. Müasir Azərbaycan ədəbiyyatının banilərindən Mirzə Fətəli Axundov həyatının, demək olar ki, yarısını Tbilisidə keçirmiş, 1978-ci ildə burada vəfat etmiş və dəfn olunmuşdur. Axundov intellektual həyatınızın mərkəzi simalarından biri və Gürcüstanın böyük mütəfəkkirləri Georgi Eristavi, Aleksandr Çavçavadze, Qriqori Orbelianinin dostu olmuşdur. Azərbaycanın ilk jurnalı – Azərbaycan dilində çıxan “Şərqi-Rus” Tbilisidə təsis edilmişdir. O dövrlərdə Şərqin ən məşhur mütərəqqi jurnalı “Molla Nəsrəddin” də Azərbaycanın şöhrətli oğulları Cəlil Məmmədquluzadə və başqaları tərəfindən 11 il Tbilisidə nəşr edilmişdir.
Əziz parlamentarilər, bu da rəmzi məna daşıyır ki, ilk Azərbaycan Demokratik Respublikasının müstəqilliyi 1918-ci il mayın 28-də məhz Tbilisidə elan olunmuşdur.
Xanımlar və cənablar! İlk Azərbaycan Respublikasını Gürcüstanda biz yaxşı xatırlayırıq. Axı, bizim respublikalar Qafqazda Qərb təmayüllü demokratik dövlətlərin və cəmiyyətlərin qurulması üçün böyük səylər göstərən doğma qardaşlar kimi idi. Onlardan birinin məhvi məntiqi olaraq ikincisinin süqutu demək idi. Azərbaycan süqut etdikdə Gürcustan bir ildən çox yaşaya bilmədi. Bütün dünya xalqlarımızın qəhrəman nümayəndələrinin necə öldürüldüyünu kənardan müşahidə edirdi. 20 min həmvətəniniz işğalçılara qarşı mübarizədə həyatını qurban verdi. Mən o həmvətənlərinizin və onların gürcü silahdaşlarının xatirəsini yad etmək istərdim. Gəncə hərbi məktəbinin direktoru general Abel Makaşvili belələrindən idi. Bolşeviklər onu Xəzər dənizində boğdular.
İmperiya bizə cavab zərbəsi endirdi, lakin ən qəddar repressiyalar belə bizim azadlıq arzumuzu öldürə bilmədi. Bu arzu 70 il sonra həyata keçdi. Azərbaycan Demokratik Respublikası Milli Şurasının ilk sədri Məmmədəmin Rəsulzadənin dediyi sözlər gerçək oldu: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.
O arzu uzun illər əzablı bir yol keçməli oldu. Gürcülər, azərbaycanlılar və Şimali Qafqazın bir neçə lideri Parisdə, Varşavada, İstanbulda qüvvələrini birləşdirdilər. Məmmədəmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Mustafa Vəkili, Əlimərdanbəy Topçubaşov, Akaki Çxenkeli, Noe Ramişvili, Spiridon Kedia Qafqazın dağlı xaqlarının Heydər Bammat və Əbdülməcid Çermoyev kimi ən yaxşı oğulları ilə birlikdə Müstəqil Qafqaz Komitəsini yaratdılar. Bu komitə sonradan hər xalqdan 4 nümayəndə olmaqla 12 üzvdən ibarət Qafqaz Konfederasiyası Şurasına çevrildi.
Əziz dostlar! Mən Məmmədəmin Rəsulzadənin 1923-cü ildə Stalinə yazdığı məktubdan sitat gətirmək istərdim. Bu gün onun sözləri çoxlarına tanış gələcəkdir: “Əslində, indi Rusiyada baş verən hadisələr 100 il əvvəlki hadisələrdən çox da fərqlənmir. 100 il əvvəlki kimi Rusiya bu gün də yeni koloniyaları özünə birləşdirir. Dövran elə gərdiş etmişdir ki, hakimiyyətə gələn Kommunist Partiyası Rusiya imperiyasını yenidən dirçəltmək qərarına gəlmişdir və bu, tamamilə müəyyən nəticələrə doğru aparır”.
İcazə verin, Məmmədəmin Rəsulzadənin 1955-ci ildə “Azad Avropa” radiosu ilə oxunmuş möhtəşəm müraciətindən də sitat gətirim: “Rusiyadan ayrılmaq irtica, başqalarından ayrılmaq isə inqilabdır deyən Sovet diktatoru Stalin həyatdan köçdü. Lakin ikiüzlü stalinizm sistemi hələ də sağdır. Azadlıq ümumi dünya ideyasıdır. Hətta əsarət altına alınmış bir insan, bir məzlum millət belə qalmış olarsa, dünya əsl azadlıq və təhlükəsizliyə nail olmayacaqdır”.
Rəsulzadənin arzusu ölmədi, 20 il əvvəl Sovet İttifaqı dağıldıqda gerçəyə çevrildi. Sovet İttifaqı xaricdən işğal olunmadı və ya dağıdılmadı. Sovet İttifaqı daxildən çökdü. Çünki o, tarixin gedişini dayandırmağa çalışır və insanlar buna artıq dözə bilmirdilər.
Əsarət altına alınmış bir çox xalqlar kimi Azərbaycan və Gürcüstan yenə azadlığa qovuşdular. Biz qeyri-sabit, narahat illərdən keçdik. Qismətimizə bir-birini əvəz edən faciələr, ümidsizliklər, ağır hadisələr düşdü. Lakin biz dözdük və bu sınaqlardan heç vaxt olmadığı qədər azad və güclü xalqlar kimi çıxdıq.
Bu dəfə geriyə qayıdış olmayacaq. Bu dəfə əsarət dövrünün qalıqları bizim azadlıq istəyimizə güc gələ bilməyəcək. İndi Gürcüstan və Azərbaycan dağıdılması mümkün olmayan dövlətlər qurmuşlar. Bu dövlətlər əməkdaşlıq və müttəfiqlik üzərində qurulmuş müstəqil millətlər birliyinə inteqrasiya olunmuşlar və öz müstəqilliklərini müdafiə etmək iqtidarındadırlar. Biz 2012-ci ildə yaşayırıq və başa düşməliyik ki, 2012-ci ildə Sovet İttifaqını dirçəltmək səyləri iflasa uğrayacaqdır.
Hörmətli deputatlar! Son zamanlar Moskvanın bəzi köhnə əhvali-ruhiyyəli liderləri tərəfindən yeni köhnə ideya – Avrasiya İttifaqı ideyası irəli sürülmüşdür. Gəlin aldanmayaq, ad bir qədər dəyişmis olsa da, məzmun olduğu kimi qalır. Tarix boyunca bu layihənin çox adları olmuşdur: Sovet Sosialist Respublikaları İttifaqı, məhdud suverenlik doktrinası, güclü təsir siyasəti və ya Kreml ideoloqlarının bugünkü terminalogiyası ilə desək, torpaqların cəmləşdirilməsi, başqa sözlə çar dövrlərinin daha imperialist terminologiyasının canlandırılması. Bunun çox adı olsa da, bizim üçün, yəni Rusiyanın qonşuları üçün yeganə mahiyyəti azadlığımızın, müstəqilliyimizin sonu, Rəsulzadənin və bir çox sələflərimizin arzularının sonu deməkdir. Bu layihə müvəffəqiyyət qazana bilməz və qazanmayacaqdır.
Artıq yaxşı başa düşmüşük ki, biz və təkcə biz yox, bütün postsovet ölkələri əl-ələ verib təhlükəsizliyə aparan bu yolu birlikdə keçməsək, hamımızı ayrı-ayrılıqda sıldırım qayadan tarixin dərin uçurumuna atacaqlar və bütün arzularımız məhv olacaqdır. Ona görə bu layihə müvəffəqiyyət qazanmayacaqdır. Çünki insanlar azadlıqdan, öz vətənlərinin milli müstəqilliyindən və öz yollarını seçmək hüququndan vaz keçməyəcəklər. Bunu hətta Rusiya liderləri də başa düşməlidirlər. Onlar da bu aşkar faktı qəbul etməli olacaqlar ki, güclü qonşular qeyri-sabit vassallardan yaxşıdır, xoşbəxt və vüqarlı dövlətlərin əhatəsində olmaq intiqam almaq arzusu ilə yaşayan, ümidi boşa çıxmış insanların əhatəsində olmaqdan yaxşıdır, tərəfdaşlara malik olmaq düşmənlərə malik olmaqdan yaxşıdır.
Xanımlar və cənablar! Düzünü desək, güclü təbliğat maşınının yaydığı yalanın əksinə olaraq mən Rusiyanı zəif görmək istəmirəm və Rusiyanın milli maraqlarına düşmənçilikdən uzağam. Əslində, mən arzu edirəm ki, Rusiya Federasiyası öz gücünə və seçdiyi yolun doğruluğuna əmin olan vüqarlı, sabit ölkə olsun. Bu ölkə özünün xəyali əzəmətini sübut etmək üçün başqalarını təhdid edib alçaltmasın. Bu ölkə öz vətəndaşlarının ləyaqətli həyatını təmin etsin və onları çörək əvəzinə keçmişin həsrəti ilə doyuzdurmağa çalışmasın. Bu ölkənin daim dəyişən hüdudları deyil, etibarlı müdafiə edilən, təhlükəsiz və dəqiq sərhədləri olsun.Yoxsulları xülyalarla doyuzdurmaq olmaz. Ümumi hüdudları qorumaq Rusiyanın sərhədlərini qorumaqdan daha çətindir.
Rusiya vətənpərvərləri öz ölkələrinin daha yaxşı gələcəyinin olmasını istəyən mərd insanlardır. Onlar başqaları kimi öz milyardlarını xaricə, zavallı həmvətənlərini lazımsız müharibələrə göndərmir və zəif rəhbərliyin qəsb etdiyi hakimiyyəti rus xalqına qaytarmaq istəyirlər. Rusiya vətənpərvərləri bizim düşmənlərimiz deyildirlər. Onlar Rusiya daxilində böyük soyğunçuluq və Qafqazda imperialist müharibələrindən ibarət olan 1990-cı illərin üzdəniraq liberalizmindən, eləcə də 2000-ci ildən sonrakı ixtiyar sahiblərindən – əslində, 1990-cı illərin liberalizminin tamamilə əksi olsa da, əvvəlki kimi, Qafqazda imperialist müharibələrini və Rusiya daxilində böyük soyğunçuluğu davam etdirən dövlət rəhbərlərindən imtina edirlər. Bu iki rejimi birləşdirən ümumi qayda xarici banklara qoyulmuş milyardların nisbəti və öz sərhədlərindəki köhnə müharibələrdir.
Biz güclü Gürcüstan və güclü Azərbaycan arzusunda olduğumuz kimi, Rusiya vətənpərvərləri də güclü Rusiyanın olmasını istəyirlər. Onlar bizim tərəfdaşlarımız, qardaşlarımızdır. Çunki bizim öz ölkələrimiz üçün istədiyimizi onlar da öz ölkələri üçün istəyirlər. Nə zamansa biz onlarla ümumi sülh və əməkdaşlıq məkanı yaradacağıq. Biz bunu böyük ruh yüksəkliyi ilə edəcəyik. Çünki biz nə coğrafiyanı dəyişə, nə də tarixi silib ata bilərik. Biz bunu edə bilmərik və etmək də istəmirik. Bu bizim coğrafiyamız, bizim ümumi tariximizdir. Rusiya ilə bizim ümumi keçmişimiz var və gələcəyi də biz birlikdə qurmalıyıq.
Öz tərəfimizdən biz buna əminik və fikrimizi heç nə dəyişə bilməz. Bu gələcək bizim üçün Avropa İttifaqı və NATO ilə ittifaq adlanır. Bu heç də Rusiya ilə əlaqələri kəsmək demək deyildir.
Çoxunuz bilirsiniz ki, bu yaxınlarda Gürcüstan Rusiyanın bütün vətəndaşları üçün vizaları ləğv etmişdir. Eyni zamanda, biz Avropa İttifaqı ilə tam ticarət azadlığı haqqında danışıqlara başlamışıq. Biz Birləşmiş Ştatlarla da sərbəst ticarət haqqında danışıqlara başlayırıq. Biz NATO ilə tərəfdaş ölkələr sırasına keçmişik və eyni zamanda, Rusiya ilə vizaları ləğv etmişik. Bu, 140 milyon rusiyalıya dəvətnamələr göndərilməsinə bənzəyirdi. Biz sizi ölkəmizdə turistlər, biznesmenlər, sənətkarlar, yazıçılar qismində qəbul etməyə şadıq. Biz sizi işğalçılar kimi yox, qonaqlar – tərəfdaşlar kimi salamlamağa şadıq.
Bizim uzatdığımız əli tutmaq istəməyənlərə, mental, fiziki divarlar yaratmağa üstünlük verənlərə, Avropa İqtisadi İttifaqının və NATO-nun genişləndirilməsində təhlükə görənlərə mən demək istərdim ki, soyuq müharibə 1991-ci ilin xoşbəxt dekabr günündə başa çatmışdır. Brüsseldə və Vaşınqtonda onların suverenliyinə qarşı gizli sui-qəsdlər mövcud deyil və onlar bu dəyişikliklərlə mübarizə aparmamalı, əksinə, onları alqışlamalıdırlar. Onlar ən əvvəl özgə torpaqların işğalına və etnik təmizləmələrdən, eləcə də dini fərqlərdən siyasi vasitə kimi istifadə olunmasına son qoymalıdırlar. Başqalarına isə yalnız bir şey deyə bilərəm: Bizim dostlar və tərəfdaşlar ailəsinə xoş gəlmisiniz!
 Xanımlar və cənablar, bu gün Azərbaycanla Gürcüstanın ittifaqı həmişəkindən daha güclüdür. Bu, çox yaxın dostumuz, mənim çox yaxın dostum Prezident İlham Əliyevin və hökumətlərimizin regionun gələcəyi ilə bağlı baxışlarının eyniliyindən irəli gəlir. Biz ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərini gələcəkdə daha yüksək səviyyəyə qaldırmaq istərdik.
Dünən biz xalqlarımız üçün eyni qədər əlverişli olan konkret, möhtəşəm layihələri müzakirə etdik. Biz yeni enerji layihələrini həyata keçirir, yeni “İpək yolu” dəmir yolunu çəkirik. Futbol üzrə Avropa çempionatının keçirilməsinə dair birgə ərizə vermək haqqında razılığa gəldik. Bir çox başqa ümumi layihələrimiz vardır.
Bu heç kimi narahat etməməlidir. Bizim ittifaqımız heç kimə qarşı yönəlməmişdir. Bir qədər lirik tərzdə ifadə etməli olsaq, bu, məhəbbət kimidir. Axı siz kimisə bir başqasına nifrət etdiyinizə görə sevmirsiniz. Siz, sadəcə olaraq, sevirsiniz.
Məhəbbətdən söz düşübsə, daha dəqiq desəm, məhəbbətimi etiraf edirəmsə, mən öz nitqimi Gürcüstan–Azərbaycan dostluğunun ən gözəl abidəsi olan Qurban Səidin məşhur “Əli və Nino” romanını xatırlatmadan başa vura bilmərəm. Keçən il biz Batumidə “Əli və Nino” abidəsini açdıq. Hərəkət edən bu nadir abidə Batuminin təkcə görməli yerlərindən birinə deyil, həm də şəhərin rəmzinə çevrilmişdir.
Qafqazın bu məhəbbət və azadlıq himni bütün Gürcüstanın dərin hörmətini qazanmışdır. Çar generalı Sisianovu öldürmüş Azərbaycan əsilzadəsinin nəvəsi Əli xan Şirvanşirin və məşhur Nino Çavçavadzenin xələfi Nino Kipianinin məhəbbət əhvalatı təkcə gözəl faciə deyil. O, Qafqazın keçmişini, bu gününü və gələcəyini əks etdirir. Dini və mənşə fərqlərinə baxmayaraq, onları qarşılıqlı məhəbbət, azadlıq sevgisi birləşdirirdi.
Kitab faciəvi sonluqla bitir. Bildiyiniz kimi, Əli Azərbaycana soxulmuş bolşeviklər tərəfindən öldürülmüş və onun ən yaxın dostu İlyas bəy bu barədə belə yazmışdı: “Əli xan Şirvanşir dan yeri ağararkən rusların hücumundan bir qədər əvvəl, saat 5.15-də Gəncə körpüsündə həlak oldu. Biz onu məscidin həyətində dəfn etdik. Bizim respublika da Əli xan Şirvanşir kimi məhv oldu”.
Əziz azərbaycanlı qardaş və bacılar! Biz bu gün Əli və Nino hekayətinin sonluğunu birlikdə dəyişib başqa cür yaza bilərdik. Biz faciəvi keçmişi xoşbəxt sonluqla əvəz edə bilərik. Biz elə edə bilərik və etməliyik ki, Əli və Ninonun məhəbbəti daha heç vaxt xarici işğalçılar tərəfindən məhv edilməsin, bugünkü Əli və Nino azad, xoşbəxt və çiçəklənən ölkələrdə müharibələrdən, sıxıntı, əziyyət və təzyiqlərdən uzaqda öz məhəbbətlərindən kam alaraq yaşaya bilsinlər. Biz bunu edə bilərik və etməliyik. Bu nəinki mümkündür, hətta hökmən belə olacaqdır. Bu, artıq baş verməkdədir. Bir kərə yüksələn bayraq bir daha enməz! Çox sağ olun. (Alqışlar.)

(Gürcüstan Prezidenti M.Saakaşvili
Milli Məclisin Sədri O.Əsədovun müşayiəti ilə iclas salonunu tərk edir.)

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, birbaşa gündəliyin müzakirəsinə keçək, çünki gündəlikdə xeyli məsələ var. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqındadır. Elmira xanım, buyurun.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əvvəla, hamınızı salamlayır, bütün xanım millət vəkillərini, hər bir Azərbaycan qadınını Beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edir və xoş arzularımı bildirirəm. İcazə verin, 2011-ci ildə fəaliyyətimlə bağlı ayrılmış vaxt çərçivəsində qısa məlumat verim. 2011-ci il bütövlükdə xalqımız üçün uğurlu olmuş, aparılan islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına, insan hüquqlarının etibarlı təmin edilməsinə xidmət etmişdir.
Məşğulluğun səviyyəsi artmış, 1 milyondan artıq, o cümlədən 2011-ci ildə 94 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə enmişdir.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB ölkələri arasında isə birinci olmuşdur.
Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşımışdır.
“Azərbaycan 2200: gələcəyə baxış” İnkişaf Konsepsiyası əhalinin rifahının daha da yüksəlməsinə, bütün sahələrdə yeni uğurlar qazanılmasına təkan verəcəkdir. Ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi insan hüquqlarının təmin olunmasına, hüquq müdafiə sisteminin təkmilləşdirilməsinə yönəlmişdir və artıq əhali tərəfindən dəstəklənir.
Müvəkkil ötən il də insan hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, zorakılığa, korrupsiyaya, vətəndaşların problemlərinə laqeyd münasibətə, onların şərəf və ləyaqətinin, müraciət etmək hüququnun pozulmasına qarşı fəaliyyət göstərmişdir.
Konstitusiya qanununa əlavə və dəyişikliklər nəticəsində milli preventiv mexanizm funksiyalarının və “İnformasiya əldə etmək haqqında” Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin müvəkkilə həvalə edilməsi müstəqilliyimizin təmin olunmasına və səlahiyyətlərimizin genişləndirilməsinə xidmət etmişdir. Bu il yaranmasının 10 ili tamam olan müvəkkil təsisatı ötən il də dövlət qurumları, vətəndaş cəmiyyəti, informasiya vasitələri və icmalarla, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində çalışmışdır.
Eyni zamanda, əldə edilmiş irəliləyişlərin təhlili göstərir ki, insan hüquqlarının təmin edilməsi, şikayətlərin çevik araşdırılması sahəsində müsbət təcrübə daha da təkmilləşdirilməlidir. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 75400, ötən il isə 12680 müraciət daxil olmuşdur. İcraata qəbul edilmiş müraciətlərin 64,8 faizi təmin olunmuşdur.
Əvvəlki illə müqayisədə müraciətlərin sayı 8,7 faiz artmış, onların strukturunda müəyyən dəyişikliklər olmuşdur. Əmək, sosial təminat, mülkiyyət, müraciət etmək hüquqları üzrə şikayətlər artmış, korrupsiya ilə mübarizə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı şikayətlərin sayı azalmışdır. Müraciətlərin artması, zənnimcə, bir tərəfdən müvəkkilin pozulmuş insan hüquqlarının bərpası üzrə fəaliyyətinin təkmilləşməsi, şikayətlərin yerində araşdırılması və həll olunması, əhalinin müvəkkil təsisatına olan etimadının artması ilə bağlıdırsa, digər tərəfdən, bunu vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbul edilməməsi, müraciətlərin cavablandırılmaması və ya gecikdirilməsi halları ilə də izah etmək olar.
Azadlıq hüququ, habelə onun tərkib hissəsi olan sərbəst hərəkət etmək hüququnun müdafiəsi sahəsində müvəkkilin Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı nəticəsində vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində süründürməçilik və etik davranış qaydalarının pozulması ilə bağlı şikayətlərin sayı azalmışdır. Alınmış 116 müraciət üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa olunmuşdur.
Şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə aidiyyəti qurumlara yoxlama tapşırıqları verilmiş, araşdırmalar aparılmış, tədbirlər görülmüş, günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Təsisatın, o cümlədən regional mərkəzilərin əməkdaşlarından ibarət 17 nəfərlik Milli Preventiv Qrup fəaliyyətini davam etdirmişdir. Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin 244 azadlığın məhdudlaşdırılması yerlərinə 381 başçəkmə həyata keçirilmiş, müvəqqəti saxlama yerlərində 1000-dək, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 830-dək, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə, yəni ruhi xəstəxanalarda, ahıllar və uşaqlar üçün sosial obyektlərdə 400-dək şəxslə, habelə həmin müəssisələrin 200-dək əməkdaşı ilə fərdi söhbətlər aparılmışdır. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı səlahiyyətli orqanlara müraciətlər edilmiş, müvafiq tədbirlər görülmüş və pozuntulara yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb edilmişlər.
Yeri gəlmişkən, müvəkkilin müraciətləri nəzərə alınmaqla Penitensiar Xidmətin 232 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunmuş, 35 əməkdaş ədliyyə orqanlarından xaric edilmiş, həmçinin 7 cəzaçəkmə müəssisəsinin, 5 məntəqə tipli cəzaçəkmə, habelə tərbiyə müəssisəsinin, 2 və 3 saylı istintaq təcridxanalarının rəhbərləri tutduqları vəzifələrdən azad edilmiş, onlardan bəziləri ədliyyə orqanlarından kənarlaşdırılmışlar.
Müvəkkilin “İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətinə dair” 2009–2010-cu illər üzrə hesabatı hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr olunmuş, təsnifatın saytında yerləşdirilmiş, aidiyyəti dövlət qurumlarına, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara təqdim edilmişdir. 2011-ci il üzrə hesabat da hazırlanmışdır.
Milli preventiv mexanizmin fəaliyyətinin müvafiq konvensiyanın fakültativ protokolunun tələblərinə uyğun təmin edilməsi məqsədi ilə 2012-ci ildə maliyyələşdirilmənin aparılması, Cinayət Məcəlləsinin 133-cü maddəsinin bu konvensiyanın 1-ci maddəsinə uyğunlaşdırılması insan hüquqlarının daha da etibarlı təmin olunmasına imkan yaradacaqdır. Əminəm ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən dəstəyin artırılması fikir, söz və məlumat azadlığının daha səmərəli təmin edilməsinə xidmət edəcəkdir.
“İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi üzrə mexanizmlərin təkmilləşdirilməsi məqsədi ilə informasiya sahibi olan dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tanınmış ekspertlərlə silsilə məsləhətləşmələr aparılmış, əməkdaşlıq məsələləri müzakirə olunmuş və hazırda da davam etdirilməkdədir. İnsanların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazıların qarşısı qanunla müəyyən edilmiş qaydada alınmalı, jurnalistlərin bilik və peşə hazırlığı artırılmalıdır. Yeri gəlmişkən, ötən dövrdə müvəkkil tərəfindən diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi təklif edilmiş və artıq bu məsələ Milli Fəaliyyət Proqramında öz əksini tapmışdır.
Vicdan azadlığının etibarlı təmin edilməsi məqsədi ilə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların, müxtəlif dini konfessiyaların, milli və dini azlıqların nümayəndələrinin iştirakı ilə çoxsaylı tədbirlər keçirilmişdir. Regionlarda keçirilmiş görüşlərdə, habelə dini və milli-mənəvi dəyərlərdən istifadəyə dəstək verilməsi ilə bağlı keçirilən tədbirlərdə müvəkkil onların fikir, təklif və müraciətlərini dinləmiş, səlahiyyətləri çərçivəsində hüquqi köməklik göstərmişdir. Ölkədə dini tolerantlıq və dözümlülük, mədəniyyətlər və dinlərarası əməkdaşlıq mühiti qorunmuşdur.
Sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı vəziyyət diqqətdə saxlanılmışdır. Ötən il Bakı şəhərində keçirilmiş aksiyalar zamanı saxlanılan şəxslərlə görüşülmüş, saxlanma şəraiti öyrənilmişdir. Alınmış məlumatların yoxlanılması və qanun çərçivəsində tədbirlərin görülməsi üçün Baş prokurora və daxili işlər nazirinə müraciətlər edilmişdir. Bu hüququn etibarlı müdafiəsi məqsədi ilə polis əməkdaşlarına mitinq və yığıncaqlar zamanı zorakılığa yol vermədən davranış qaydalarına riayət edilməsinə yönəlmiş maarifləndirmə seminarları davam etdirilməlidir.
Müraciət etmək hüququnun pozulması ilə bağlı daxil olmuş 1892 şikayət üzrə aparılmış araşdırmalar nəticəsində pozulmuş hüquqlar əsas etibarı ilə bərpa edilmişdir. Yerli icra strukturları, məhkəmə, prokurorluq, polis orqanları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri tərəfindən müraciətlərə diqqət yetirilməməsi, kobud rəftara yol verilməsi, problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, müvafiq izahat və hüquqi maarifləndirmə işinin aparılmaması şikayətlərin artmasına səbəb olmuşdur.
2011-ci ildə daxil olmuş 12680 müraciətdən 1179-u məhkəmə, 904-ü yerli icra hakimiyyəti, 632-si prokurorluq, 1971-i polis orqanları, 634-ü məhkəmə qərarlarının icra edilməməsi, 196-sı bələdiyyələrlə bağlı olmuşdur. Bunlarla əlaqədar səlahiyyətli qurumlara müraciətlər edilmiş, bir sıra hallarda pozulmuş hüquqlar bərpa edilmiş, pozuntuya yol vermiş məmurlar isə cəzalandırılmışlar. Təhlil və monitorinqlər göstərmişdir ki, insan hüquqlarının təmin edilməsinin səmərəliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyətinin başçıları və mərkəzi qurumların yerli strukturları əhali ilə müntəzəm görüşlər və səyyar qəbullar keçirməli, problemlər yerində öyrənilməklə vaxtında həll edilməli və yerli bölmələrin işinə nəzarət gücləndirilməlidir. Ümumiyyətlə, insan hüquqlarının pozulmasında günahkar olan və intizam qaydasında cəzalandırılan əməkdaşlarla yanaşı, tabelikdəki olan rəhbərlərin də cəzalandırılması və bu barədə müvafiq strukturlara məlumatın yayılması, ictimaiyyətin məlumatlandırılması da zəruridir.
Hüquq və azadlıqların məhkəmə təminatı hüququna gəldikdə isə deməliyəm ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, fəaliyyətinin qiymətləndirilməsi, məhkəmələrdə kargüzarlığın aparılmasında yeni qaydaların tətbiqi bu sahədə öz müsbət təsirini göstərmişdir. Hakim korpusunun komplektləşdirilməsi məqsədi ilə mütərəqqi və şəffaf qaydalarla seçilib təyin edilmiş hakimlərin sayı 235 nəfərə çatmışdır. Onlar mövcud hakim korpusunun yarısını, Bakı şəhəri və inzibati-iqtisadi məhkəmələr üzrə isə 80 faizini təşkil etmişlər.
Ötən il bu hüququn pozulması ilə bağlı 1179 şikayət daxil olmuşdur. Araşdırmalar nəticəsində bir sıra hallarda pozulmuş hüquqlar bərpa olunmuş, bəzi şikayətlərlə bağlı isə Məhkəmə-Hüquq Şurasına müraciət edilmişdir. Qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, bir neçə hakimə isə töhmət verilmişdir. Yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrin hakimlərinin vəzifələri və səlahiyyətləri ilə bağlı əhali arasında, eləcə də hakimlər arasında hüquqi maarifləndirmə işinin aparılması tövsiyə olunur. Qeyd edilənlərlə yanaşı, aztəminatlı vətəndaşların imkanları nəzərə alınaraq respublikanın şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə dövlət büdcəsindən maliyyələşən hüquq məsləhətxanalarının yaradılmasına böyük ehtiyac var.
Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 634, o cümlədən alimentlə bağlı 231 şikayət olmuşdur. Yeri gəlmişkən, alimentin borclu tərəfdən ödənilməsinin çoxsaylı problemlərini nəzərə alaraq bir daha “Aliment fondu”nun yaradılmasını təklif edirik. Şikayətlər məhkəmə qərarlarının icra edilməməsi, süründürməçiliyə yol verilməsi və etik davranış qaydalarının pozulması ilə bağlı olmuşdur. Qeyd olunan hallar bir daha göstərir ki, peşəkarlıq səviyyəsinin artırılmasına, müvafiq normativ hüquqi aktların öyrənilməsinə və mövcud sahədə işin təkmilləşdirilməsinə ehtiyac vardır.
Prokurorluq orqanları ilə bağlı 631 şikayət daxil olmuşdur. Müraciətlərlə bağlı müvafiq yoxlamalar aparılmış, onlardan bir çoxu öz həllini tapmış, o cümlədən polis orqanlarının bəzi qeyri-obyektiv qərarları ləğv olunmuş, iş təkrar istintaqa yönəldilmişdir. Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə vətəndaşların hüquqlarının pozulmasına yol verdiklərinə görə 15 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir. Bir nəfər vəzifədən azad olunmuş, bir nəfər isə prokurorluq orqanlarından tam xaric edilmişdir. Bu zaman müraciətlərimiz də nəzərə alınmışdır. Təcrübə göstərir ki, insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpası istiqamətində prokurorluq orqanlarının işi daha da təkmilləşdirilməlidir.
Polis orqanları ilə bağlı daxil olmuş 1971 müraciətdə, əsasən, ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, əsassız qərarların qəbul edilməsi, müraciət hüququnun pozulması, vətəndaşlarla münasibətdə kobud rəftara yol verilməsi halları əksini tapmışdır. Müvəkkilin Daxili İşlər Nazirliyinə müraciətləri əsasında aparılmış xidməti yoxlama nəticəsində 8 fakt üzrə 11 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə kimi hallar əvvəlki illə müqayisədə 30 faiz azalmışdır. Şikayətlərin yoxlanılması və təsdiq edildiyi halda günahkar şəxslərin qanun çərçivəsində cəzalandırılması məqsədi ilə prokurorluq, habelə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Prokurorluğa 103 sorğu göndərilmişdir. Onlarla bağlı 1 şikayət üzrə cinayət işi açılmış, 21-i təmin edilmiş, 11-i qərar obyektivliyin təmin olunması məqsədi ilə məhkəməyə göndərilmişdir.
2007–2011-ci illərdə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının davamlılığının təmin edilməsi məqsədi ilə növbəti il üçün müvafiq plan hazırlanmaqdadır. “Elektron Azərbaycan” proqramının səmərəli icrası və tətbiqi müasir və çevik idarəetmənin təmin olunmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edəcəkdir.
Sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrin aradan qaldırılması məqsədi ilə tövsiyələr verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanması da həmin məqsədə xidmət edəcəkdir. Ümumiyyətlə, korrupsiyaya qarşı davamlı mübarizə onun kampaniya deyil, sistemli xarakter daşıdığını göstərir.
Əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş 1246 şikayətdə, əsasən, müqavilə şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının və son haqq-hesabın ödənilməməsi və ya gecikdirilməsi, işçinin müxtəlif vasitələrlə işdən azad edilməsi, yaxud razılığı olmadan uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilməsi, təyin olunmuş işsizlik müavinətlərinin ödənilməməsi kimi hallar göstərilmişdir. Səlahiyyətlərimiz çərçivəsində pozulmuş hüquqların bərpası ilə bağlı iş aparılmış və tədbirlər görülmüşdür. Müqavilə bağlamadan işləyən şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə səlahiyyətli dövlət qurumları bu istiqamətdə fəaliyyətini təkmilləşdirməlidirlər. Eyni zamanda, ödənişlərdən yayınanlar aşkar edilməli və lazımi tədbirlər görülməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək hüquqlarının etibarlı müdafiəsi məqsədi ilə iş yerlərində, xüsusilə özəl müəssisələrdə birgə monitorinqlər də aparılmalıdır.
Sosial təminat hüququnun pozulması ilə bağlı 1235 şikayət daxil olmuşdur. Onlardan 519 şikayət ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi prosesində yol verilmiş pozuntulardan və yardımın köçürüldüyü kart saxlanılmaqla müvafiq məbləğin mənimsənilməsi, təyinatla bağlı vətəndaşlara məlumat verilməməsindən, 146 şikayət isə əlilliyin müəyyən edilməsi zamanı tibbi sosial ekspert komissiyaları tərəfindən vətəndaşlara qarşı süründürməçilik hallarından və əlillik dərəcəsinin düzgün təyin edilməməsi kimi nöqsanlardan ibarət olmuşdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq məlumatlar verilmişdir. Nazirlik rəsmi olaraq bildirmişdir ki, dövlət sosial təminat xidmətinin tabeliyində olan təşkilatlarda 72 nəfərə töhmət verilmiş, 16 nəfər tutduğu vəzifədən azad edilmiş, 3 iş isə tədbir görülməsi üçün prokurorluğa göndərilmişdir. Ümumiyyətlə, ünvanlı dövlət sosial yardımlarının müəyyən edilməsi üçün sənədlər siyahısının sadələşdirilməsi, yardım müəyyən edilərkən ailədə olan əlillərə, ahıllara, uşaqlara ödənilən müavinətin məbləğinin ümumi ehtiyac meyarının məcmusuna daxil edilməməsi, icraçıların və sosial işçilərin, peşəkarlığın artırılması kimi ciddi tədbirlərin görülməsini təklif edirik.
Sağlamlığın qorunması hüququnun pozulması ilə bağlı 347 şikayət daxil olmuşdur. Şikayətlərdə, əsasən, dövlət hesabına, o cümlədən respublikadan kənarda müayinə və müalicə, cərrahiyyə əməliyyatı aparılmasına, dərman preparatları ilə təminata köməklik göstərilməsi, habelə müalicənin düzgün aparılmaması, həkim və tibb işçilərinin vəzifə borclarına səhlənkarcasına yanaşılması öz əksini tapmışdır. Hətta ana və körpə ölümü barədə də xəbər verilir.
Səhiyyə müəssisələrinin işinə nəzarətin gücləndirilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması, qanunvericiliklə nəzərdə tutulmayan pullu xidmətlərin qarşısının alınması xüsusi diqqət tələb edir. Ruhi-əsəb müəssisələrinə də baxışlar keçirilmiş, demək olar ki, hər bir müəssisəyə təkliflər verilmişdir. Deyə bilərik ki, ruhi xəstələrin qidalanmasının, müalicə xərclərinin artırılmasının və onlara qarşı rəftarın Avropanın minimum standartlarına uyğunlaşdırılması, reabilitasiyaya xüsusi diqqət yetirilməsi, habelə tibbi heyətin peşəkarlığının və əmək haqqının artırılması məqsədəmüvafiqdir. Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanunun qəbul olunması da sürətləndirilməlidir.
Təhsil hüququnun pozulması ilə bağlı 182 şikayət daxil olmuşdur. Hər bir şikayət üzrə araşdırmalar aparılmış, monitorinqlər keçirilmiş, bir sıra problemlər təhlil edilmiş, müvafiq tövsiyələr verilmişdir. Orta məktəblərdə bəzən tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərlərinin vəzifələrini layiqincə icra etməməsi, müəllim-şagird münasibətlərinin pozulması haqlı narazılığa səbəb olmuşdur. Yoxlamalar nəticəsində pozulmuş hüquqlar bərpa edilmiş, günahkar təhsil işçiləri cəzalandırılmışlar.
Uşaq evlərinə baxışlar keçirilmiş, monitorinqlər aparılmış, uşaqların yaşayış şəraiti, qida və tibbi təminatı, onlara qarşı rəftarın vəziyyəti öyrənilmişdir. Araşdırmaların nəticəsinə əsasən yenə də təkliflər verilmiş və tədbirlər görülmüşdür. Bakı şəhərində və ölkənin 8 rayonunda ilk dəfə olaraq uşaq hüquqları üzrə pilləli tədris proqramları həyata keçirilmişdir. Bu, əhali tərəfindən çox yüksək qiymətləndirilmişdir. Yeni gəlmişkən, Milli Fəaliyyət Proqramında da pilləli tədrisin inkişaf etdirilməsi artıq nəzərdə tutulmuşdur.
Mənzil hüququnun pozulması ilə bağlı daxil olmuş 506 şikayətdən 129-u təbii fəlakət nəticəsində ev və təsərrüfatlara dəymiş ziyanla əlaqədardır. Bunların aradan qaldırılması üzrə kompleks tədbirlər həyata keçirilmiş və bu iş davam etdirilməkdədir.
Bakı şəhərinin məlum yaşayış massivlərində icazəsiz tikilən evlərin də qeydiyyatını sürətləndirmək üçün lazımi tədbirlər görülməlidir. Bununla bağlı ölkə Prezidenti tərəfindən səlahiyyətli qurumlara xüsusi tapşırıq verilmiş və bu, məsələnin həllini təmin edəcəkdir. Bakı şəhərində fəaliyyət göstərən bəzi tikinti şirkətləri tərəfindən inşa edilən binalardakı bir mənzilin bir neçə nəfərə satılması və bu cür dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur. Bunların yoxlanılması üçün prokurorluq orqanlarına müraciət etmişik. Faktla bağlı cinayət işi başlanmışdır.
Bələdiyyələrlə bağlı 196 şikayət daxil olmuşdur. Ədliyyə Nazirliyinin Bələdiyyətlərlə iş mərkəzinə ümumilikdə 86 sorğu göndərilmişdir. Tədbirlər görülmüş, insan hüquqlarının qorunması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə verilmiş təkliflərə əsasən 485 bələdiyyə aktına dəyişikliklər edilmiş, 987 akt ləğv olunmuş, 4278 hektar torpaq sahəsi bələdiyyələrə qaytarılmışdır.
Yeni müəssisələrin, sosial-məişət obyektlərinin təşkil edilməməsi, büdcə vəsaitinin yetərli olmaması səbəbindən bələdiyyələr yeni iş yerlərinin açılmasına, mənzil tikintisinə, infrastrukturun inkişafına tələbata uyğun dəstək verə bilmirlər. Odur ki, zəif bələdiyyələrin dirçəlməsi üçün onlara güzəştli kreditlərin ayrılmasına ehtiyac vardır.
Ötən il mülkiyyət hüququnun pozulması ilə bağlı 1818 şikayət daxil olmuşdur. Şikayətlərdə xüsusi mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan sökülməsi, əmlakın əvəzinə uyğun kompensasiyanın verilməməsi, vətəndaşlara məxsus evlərin yerləşdiyi torpaq sahələrinin onların razılığı olmadan tikinti şirkətlərinə satılması, torpaq payına dair dövlət aktının verilməməsi və yenisi ilə əvəz edilməsi, torpaq paylarına, habelə bələdiyyələrdən alğı-satqı yolu ilə alınmış torpaq sahələrinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməməsi kimi hallar göstərilmişdir.
Zəbt edilmiş xüsusi mülkiyyətdə və istifadədə olan mənzil sahiblərinin pozulmuş hüquqlarının bərpası məqsədi ilə məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsi və onların köçürülməsi ötən dövrlərdə də təklif olunmuşdur. Yeri gəlmişkən, deyim ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrdə Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012–2014-cü illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi nəzərdə tutulmuşdur. Bununla da problem öz həllini tapacaqdır.
Müvəkkil Konstitusiya qanununun müvafiq müddəalarını rəhbər tutaraq ötən il bir sıra məlum əlamətdar tarixlərin və əhəmiyyətli günlərin ildönümünü nəzərə alaraq Milli Məclisə amnistiya haqqında qərar qəbul edilməsi, ölkə Prezidentinə isə əfv təklifi ilə müraciət etmişdi. Sonuncu təklif qəbul olunmuşdur. Müvəkkilin çoxsaylı vəsatətləri əsasında ümumilikdə 351, 2011-ci ildə isə 25 məhkum əfv olunmuşdur.
Ötən dövrlərdə hərbi komissarlıqların tibb komissiyaları tərəfindən bəzən çağırışçı gənclərin yetərincə şəhadətləndirilməməsinə, hərbi komissarlıqlarda yol verilən rüşvət hallarına diqqət yönəlmiş, müvafiq sahənin işinə nəzarətin gücləndirilməsi və zəruri tədbirlərin görülməsi təklif edilmişdir. Bu baxımdan hərbi komissarlıqların ləğv edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması həmin sahədə neqativ halların aradan qaldırılmasına və şəffaflığın təmin edilməsinə imkan yaradacaqdır.
Müvəkkil və aparatın əməkdaşları vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün gender bərabərliyi, məişət zorakılığı, insan alveri, erkən nikahlar və digər mövzularda maarifləndirici tədbirlər keçirmiş, hüquqi yardımlar göstərmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qadın cəzaçəkmə müəssisəsində mütəmadi görüşlər, hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, məhkum qadınların problemləri, yaşayış və əmək şəraiti, sağlamlığı, psixoloji durumu öyrənilmiş, müraciətlərlə bağlı tədbirlər görülmüşdür.
 Valideyn himayəsindən və ailədən məhrum olan, habelə tüfeyli həyat sürən uşaqların sosial müdafiəsinin təşkil edilməsi məqsədi ilə sosial-reabilitasiya yardım mərkəzlərinin və sosial sığınacaqların yaradılması vacibdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icra mexanizmlərinin dəqiqləşdirilməsi, habelə uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurası Konvensiyasının...
Sədrlik edən. Elmira xanım, çox üzr istəyirəm, artıq 35 dəqiqədir, çıxış edirsiniz. Mümkünsə, yekunlaşdırın.
E.Süleymanova. Uşaqların cismani cəzadan müdafiəsi haqqında və yuvenal ədliyyə haqqında qanunların qəbul olunmasının sürətləndirilməsinə də ehtiyac vardır. Uşaq hüquqlarının müstəqil monitorinqi mexanizminin daha səmərəli həyata keçirilməsi üçün BMT-nin Uşaq hüquqları komitəsinin tövsiyəsinə uyğun olaraq ombudsman Aparatında müvafiq struktur bölmənin yaradılması və qanunamüvafiq dəyişikliklərin edilməsi zəruridir.
Madrid Fəaliyyət Planının 10 illiyi ərəfəsində müvəkkil ahılların hüquqlarına xüsusi diqqət yetirilməsi və onların ləyaqətinə hörmətlə yanaşılmasının dəstəklənməsi məqsədi ilə təkliflər vermişdir. Əlilliyi olan insanlar haqqında da müvafiq konvensiyanın 33.2-ci maddəsinə görə ombudsmana müstəqil monitorinq funksiyaları tapşırılmışdır, amma bununla bağlı qanuna da dəyişikliklər edilməlidir.
İnsan hüquqlarının müdafiəsinə həsr olunmuş bir çox önəmli tədbirlər də həyata keçirilmişdir. Təsisatda, habelə təhsil ocaqlarında və regionlarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edilmişdir. Mövcud hüquq müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və funksiyaları Konstitusiya qanunu ilə müəyyən edilən, öz səlahiyyət fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipi əsasında quran müvəkkil ötən il də insan hüquqlarının inkişafına çalışmış, öz təklif və tövsiyələri ilə bu hüquqların səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə xidmət etmişdir.
Əminliklə demək olar ki, cəmiyyətimizdə hüquqi tərbiyə və mədəniyyət yeni məzmunda formalaşmışdır. Dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, hüququ pozulmuş fərdlərin insan hüquqları anlayışına münasibətlərində müsbətə doğru dəyişikliklər müşahidə olunur. Yeri gəlmişkən, deyim ki, müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ilk dəfə olaraq “İnsan hüquqları” fənni tədris olunur. Bunu başqa universitetlərdə də tətbiq etmək niyyətindəyik.
Bu da həqiqətdir ki, insan hüquqlarının pozulması halları hələ də mövcuddur. Bunların aradan qaldırılması və insan hüquqlarının müdafiəsinin səmərəliyinin artırılması üçün Milli Fəaliyyət Proqramında konkret vəzifələr və onların həyata keçirilməsi mexanizmi göstərilmişdir.
Təsisatın yekun vurmaqda olduğu 10 il ərzində əldə etdiyi irəliləyişlərin təhlili göstərir ki, insan hüquqlarının təmin edilməsi, pozulmuş hüquqların bərpası məqsədi ilə dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti təsisatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələri təkmilləşdirilməlidir. İnsan hüquqlarının səmərəli təmin edilməsi, müdafiəsi, pozulmuş hüquqların bərpası, habelə pozulmasının qarşısının alınması məqsədi ilə müvəkkilin dövlət orqanlarına ünvanladığı təklif, tövsiyələr vaxtında nəzərə alınmalı və təxirə salınmadan zəruri tədbirlər görülməlidir.
Nəhayət, sizin hər birinizi əməkdaşlığa dəvət edərək ölkəmizin qarşısında duran prioritet məsələlərin həllində birgə fəaliyyətə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım, təşəkkür edirəm. Hörmətli deputatlar, illik məruzənin müzakirəsinə başlayırıq. Xahiş edirəm, yazılın. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ombudsmanın məruzəsi “Ombudsman haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanıb. Eyni zamanda, bu məruzədə ombudsmanın səlahiyyətinə aid olan məsələlər geniş şəkildə təhlil olunub. Bu məsələlərlə bağlı problemlərin aradan qaldırılması istiqamətində ombudsmanın gördüyü işlər məruzədə öz əksini tapıb. Məruzənin sonunda isə bu sahədə fəaliyyəti artırmaqdan ötrü səmərəli olan təkliflər irəli sürülüb. Bu kontekstdən yanaşanda hesab edirik ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2011-ci il üçün hazırladığı illik məruzə kifayət qədər yekdildir və onu qəbul etmək olar. Bu məruzəyə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram.
Bir məqamı qeyd etmək istəyirəm. Ombudsmana olan müraciətlərə baxsaq, görərik ki, onlarla bizim 114 saylı dairəyə gələn müraciətlərin strukturunda bir uyğunluq var. Yəni bunların içərisində sosial xarakterli müraciətlər çoxluq təşkil edir. Sadəcə, burada o fərq var ki, ombudsmana gələn sosial xarakterli müraciətlər 15 faiz, deputatlara gələnlər isə 70-75 faiz təşkil edir.
Bu nöqteyi-nəzərdən birinci təklifimi irəli sürmək istərdim. Ombudsman institutu ilə deputat köməkçiləri institutunun yerlərdə fəaliyyətinin koordinasiyasının sürətləndirilməsi çox əhəmiyyətli olar. Nəzərə almalıyıq ki, ombudsmana və deputatlara olan müraciətlərin xeyli hissəsi bələdiyyələrin səlahiyyətlərinə aid olan məsələlərdir. Deməli, ombudsmanın yerli strukturları və deputat köməkçilərinin birgə işi bu istiqamətdə irəliyə doğru addımların atılmasında mühüm rol oynaya bilər. Ümumi götürəndə görərik ki, ombudsmana olan müraciətlər cəmiyyət həyatında çox aktual, ağrılı və insanları narahat edən məsələlərlə bağlıdır. Bayaq qeyd etdiyim kimi, bunlar deputatlara gələn müraciətlərlə üst-üstə düşdüyünə görə birgə fəaliyyəti təklif edirəm.
İkinci bir məsələni qeyd etmək istəyirəm. Hər dəfə ombudsman fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik sənədlərinə əlavə və dəyişikliklərin edilməsi istiqamətində çox sanballı, zəruri, vacib təkliflər irəli sürülür. Milli Məclisin əlaqədar komitələrinə müraciət edirəm ki, ombudsmanın əvvəlki illərdə və 2011-ci ilin illik məruzəsində irəli sürdüyü təkliflərə münasibətdə dəyişiklik olsun. Çox maraqlı təkliflər irəli sürülüb. Məsələn, MİS adlanan strukturların bələdiyyələrə verilməsi, ünvanlı sosial yardımın səmərəliliyinin artırılması istiqamətində təkmilləşdirmələrin aparılması, alternativ cəza növlərinin tətbiq edilməsi, Avropa Sosial Xartiyası ilə əlaqədar məruzədə adı çəkilən maddələrin təsdiq edilməsi, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatının minimum normaları haqqında” 102 saylı Konvensiyasına qoşulması işinin sürətləndirilməsi bu qəbildəndir. Bu gün qeyd etdiyimiz son məsələ Azərbaycana həddən artıq vacibdir. Biz artıq, sözün əsl mənasında, minimum göstəricilərimizi sürətlə artırmağa başlamışıq. Həmin konvensiyaya qoşulmaq çox vacibdir.
Qeydiyyatsız tikililərin qeydiyyata alınması işinin sürətləndirilməsi, sosial müavinətlərin artırılması ciddi xarakter daşıyan təkliflərdir. Mən təklif edərdim ki, əlaqədar komitələr bunu nəzərə alsınlar və biz ombudsmanın fəaliyyətini koordinasiya etməklə, qanunvericilikdə müvafiq dəyişikliklər aparmaqla prosesin sürətləndirilməsinə nail olaq. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B. Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) hörmətli Elmira Süleymanovanın təqdim etdiyi hesabata səs verəcəyəm və hörmətli millət vəkillərini də bu sənədə səs verməyə dəvət edirəm. Bir neçə məsələyə münasibət bildirmək istərdim.
Birinci, bilirsiniz ki, əvvəllər bu təsisat yaradılanda insanlarımız ona bir az şübhə ilə yanaşırdılar və onun ölkəmizdə necə fəaliyyət göstərməsinə dair çoxlu suallar verirdilər. Bəzən də bir qisim belə hesab edərdi ki, insan hüquqları üzrə müvəkkil elə bir iş görə bilməyəcək. Ancaq ötən zaman göstərdi ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycan ictimai rəyinə oturdu, insanlar tərəfindən qəbul edildi, etimad və inam qazandı. Bunun da bir sıra səbəbləri var. İlk növbədə bu, müvəkkilliyin fəaliyyəti ilə bağlıdır. Ötən müddətdə bu təsisat kifayət qədər yaxşı işlədi və bu işlərin içərisində bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bu da, müvəkkilliyin hesabatından göründüyü kimi, müraciətlərə dərhal cavab verilməsi və ən başlıcası isə bu gün cəmiyyətimizdə kifayət qədər olmayan maarifçilik işinin aparılmasıdır. Mən dəfələrlə şahidi olmuşam ki, müvəkkillik yerlərdə maarifləndirmə proqramı həyata keçirir. Bunun özü müsbət haldır. Hesabatda konkret tövsiyələrin, təkliflərin verilməsi gələcəkdə bu sahədə işlərin təkmilləşdirilməsinə xidmət edəcək amillərdən biridir.
Şübhəsiz, hər hansı bir qurumun fəaliyyət göstərməsi, daha yaxşı işləməsi üçün şəxsiyyət amili mühüm əhəmiyyətə malikdir. Bu baxımdan hörmətli Elmira Süleymanovanın şəxsiyyəti amilini ön plana çəkmək istəyirəm. Onun öz işində çox dəqiq, tələbkar olması, hər bir məsələyə xeyirxahlıqla yanaşması, insanların yanında olması cəmiyyətimizdə müvəkkilliyin yaxşı qarşılanan quruma çevrilməsinə gətirib çıxardı. Əlbəttə, hesab edirəm ki, qurumun fəaliyyəti ilə bağlı bəzi məqamları da təkmilləşdirməyə ehtiyac var. O da nədən ibarətdir? Qurum xeyli iş görür, ancaq onun mətbuatda, kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasına bir az da diqqəti artırmaq olardı. Bu, ümumi işə xeyir verərdi. Mən bir daha qeyd edirəm ki, hesabata səs verəcəyəm. Hörmətli millət vəkillərini də buna dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Bahar xanım. Mən Elmira xanımın məruzəsini diqqətlə dinlədim. Həqiqətən də, çox təkmil bir məruzə təqdim olunubdur. Bu məruzədə bütün sahələr və istiqamətlər öz əksini tapıbdır. Bu gün Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox böyük işlər görülür. Hakimiyyət bu istiqamətdə beynəlxalq miqyasda əldə olunmuş təcrübəyə və qoşulduğu konvensiyalara uyğun siyasət həyata keçirir.
Bir faktı qeyd edim ki, cənab Prezident 2011-ci ilin axırlarında xüsusi sərəncam verib. Həmin sərəncamda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilibdir və hazırda bu proqram ilə əlaqədar işlər genişlənməkdədir. İnsan hüquq və azadlıqları geniş anlayışdır və universal xarakter daşıyır. Dünyanın demokratik ölkələrində insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. O cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və sair təşkilatlar səviyyəsində insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi üçün lazımi sənədlər qəbul edilib. Azərbaycanda da bu sahədə, qeyd etdiyim kimi, çox ciddi işlər görülməkdədir.
Məruzəni diqqətlə izlədikdə ötən illərlə müqayisədə şikayətlərin istiqamətinin dəyişdiyini görürük. Əlbəttə, bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərlə bağlıdır. Çünki cəmiyyət nə qədər inkişaf edirsə, insanların narazılığı da o qədər azalır, şikayətlər məhdud səviyyəyə enir. Bütün bunlarla yanaşı, bir məsələni qeyd etmək istəyirəm. Bu gün Azərbaycanda yerlərdə, dövlət qurumlarında insanların bu və ya digər şikayətlərinə zamanında diqqət yetirilmədiyi təqdirdə onlar ya Milli Məclisə – müvafiq qaydada onların seçdiyi deputatlara və ya da İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) müraciət edirlər.
Maarifləndirmə ilə bağlı çox işlər görülür. Amma xüsusi dövlət qurumları ilə ombudsman institutunun əlaqələrinin daha geniş səviyyədə qurulmasına böyük ehtiyac vardır. Ələlxüsus yerlərdə icra strukturları ilə bu işlər yüksək səviyyəyə qaldırılmalıdır ki, vətəndaşların nədən şikayət etdiyi və hansı məsələlərdən narazı olduğu bir daha araşdırılsın. Müəyyən sosial araşdırmalar da aparılmalıdır. Biz bilirik ki, bəzi hallarda vətəndaşların şikayətinə baxılmadıqda onlar yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar. Əgər vaxtında, zamanında vətəndaşların şikayətlərinə yerlərdə diqqətlə yanaşılsa, yəqin ki, vətəndaşlar şikayətlərini yuxarı təşkilatlara yönəltməzlər.
Bu il ombudsman qurumunun fəaliyyətə başlamasının 10 illiyini qeyd edəcəyik. Ötən on il ərzində, həqiqətən də, bu sahədə çox böyük işlər görülübdür. Təqdim olunan məruzədə diqqəti cəlb edən əsas cəhətlərdən biri müəyyən təkliflərin olmasıdır. Bu təkliflərin içərisində birbaşa Milli Məclisə aid olanlar da var. Yəni biz İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətini daha da canlandırmaq və hüquqi bazanı möhkəmləndirmək üçün müəyyən qanunlar qəbul etməliyik. Burada təkliflər içərisində şikayətlərə, vətəndaşların müraciətlərinə baxılması qaydası ilə əlaqədar qanunun qəbul edilməsi tövsiyə olaraq irəli sürülübdür. Hesab edirəm ki, bunun üzərində işləmək lazımdır. Doğrudur, bizdə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və sair qanunlar var. Ancaq vətəndaşların müraciətlərinə, şikayətlərinə hər hansı bir formada süründürməçilik edilərsə, müəyyən zamana buraxılarsa və ya baxılmazsa, bununla əlaqədar təkmil bir qanunun qəbul edilməsinə zərurət vardır ki, bu da tövsiyələrdə öz əksini tapıbdır. Burada müxtəlif istiqamətlərlə bağlı tövsiyələr var. Hesab edirəm ki, bu tövsiyələri müvafiq təşkilatlar yerinə yetirsələr və biz zamanında bu cür addımlar atsaq, Azərbaycanda insan hüquq və azadlıqları ilə əlaqədar heç bir problem olmaz.
Bütövlükdə dünyada mövcud olan dövlətlərə nəzər salsaq, insan hüquq və azadlıqları ilə əlaqədar heç bir ölkəni ideal ölkə səviyyəsində təsvir eləmək mümkün olmaz. Çünki insan hüquq və azadlıqları ilə əlaqədar problemlər hətta ən inkişaf etmiş ölkələrdə belə mövcuddur və bu ölkələrdə də vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində işlər görülür. Ona görə ki, bu proses davamlıdır. Yəni demokratiyanın sonu olmadığı kimi, insan hüquq və azadlıqlarının müdafiəsinin hüdudu ilə əlaqədar da məhdudiyyət qoymaq olmaz. Çünki insan və cəmiyyət inkişaf etdikcə insanların müxtəlif hüquqları və onların qorunması üçün də müvafiq qaydalar meydana gəlir. Ona görə də bizim ombudsman institutuna həmişə ehtiyacımız olacaq və hesab edirəm ki, bu qurum gələcəkdə də öz fəaliyyətini daha yüksək səviyyədə davam etdirəcəkdir. Mən bu məruzədə irəli sürülən müddəaları, aparılan araşdırmaları müsbət hesab edirəm və yüksək qiymətləndirirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Bahar xanım, təşəkkür edirəm. Hörmətli həmkarlar, icazə verin, mən də qarşıdan gələn 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə hörmətli Elmira xanımı, qadın həmkarlarımızı, zalda iştirak eləyən bütün xanımları, onların simasında isə bütün Azərbaycan xanımlarını təbrik edim.
Azərbaycanda ombudsman təsisatının yaradılmasının artıq 10-cu ildönümüdür. Ötən müddət ərzində ombudsman təsisatı nəinki bir hüquqi təsisat kimi formalaşıb, habelə insanlarımızın etimad yerinə, insan hüquq və azadlıqlarının qorunması üçün çalışan bir ünvana çevrilib. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini ombudsmanın fəaliyyəti olmadan təsəvvür etmək bir az ədalətsizlik olardı. Bununla bağlı rəqəmlərə müraciət etsək, 10 ilə yaxın bir müddət ərzində 75 mindən artıq müraciətin daxil olması, ümumiyyətlə, bu müraciətlərin dinamikasının artan xətlə xarakterizə olunması mənim dediklərimi bir daha təsdiqləyir.
Ombudsmanın fəaliyyətinin bəzi cəhətləri var ki, onları xüsusi ilə vurğulamaq istəyirəm. Ələlxüsus Cinayət Məcəlləsinin 133-cü “İşgəncəvermə” maddəsində “işgəncəvermə” anlayışının verilməsi ilə bağlı təklifi xüsusi ilə təqdirəlayiqdir. Düşünürəm ki, analoji məsələ ilə bağlı beynəlxalq konvensiyanın 1-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsində “işgəncəvermə” anlayışı düzəldilməlidir. Ümumiyyətlə, Cinayət Məcəlləsində sovetdən qalma ab-hava var.
Saray qəsəbəsindəki Əqli qüsurlu uşaqlar üçün 7 saylı internat evində apardığı araşdırmanı da xüsusi ilə vurğulamaq istəyirəm. Doğrudan da, ombudsman tərəfindən aşkarlanıb ki, həmin internat məktəbi hələ də 1978-ci ildə Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən qəbul olunmuş “Uşaq əlillər internat evi haqqında” Əsasnamə ilə fəaliyyət göstərir. Doğrudur, Sovet dövründən qalma bir əsasnamə ilə fəaliyyət göstərmək heç də hüquqi bir faciə deyil. Amma nəzərə alsaq ki, Azərbaycan müstəqil bir dövlətdir, burada sosial müdafiə və əlil uşaqlarla bağlı dövlət siyasətini həyata keçirən konkret icra strukturları, bu sahə ilə məşğul olmalı olan konkret insanlar var, onda ombudsmanın bu fəaliyyətinin fonunda onların fəaliyyətsizliyini qeyd eləmək daha düzgün olardı.
Bundan başqa, məruzədən görünür ki, ombudsman tərəfindən Uşaqların cismani cəzadan müdafiəsi haqqında qanun layihəsi də parlamentə daxil olub. Düzdür, mən bunu bilmirəm, amma onsuz da “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu bu məsələləri tənzimləyir. Uşaq hüquqları ilə bağlı dövlət siyasəti həssas bir məsələdir və uşaq hüquqlarının qorunması dövlət siyasətində aparıcı bir istiqamətdir. 2009-cu ildə referendum keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyasına uşaq hüquqları ilə bağlı xüsusi maddələr əlavə olunub. Belə bir fonda bu layihənin müzakirəsi çox aktual və düzgün olardı.
Bundan başqa, ombudsmanın toxunduğu və irəli sürdüyü bəzi təklifləri bir daha vurğulamaq istəyirəm. Mən onun icra məmurları, yuvenil ədliyyə, aliment fondu, kənd yerlərində olan tibb müəssisələrinə işçilərin cəlb edilməsi ilə bağlı təkliflərini xüsusi ilə vurğulayıram. Düşünürəm ki, ombudsmanın illik məruzəsi və onun bu sahədə fəaliyyəti qənaətbəxşdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Kamilə Əliyeva.
K. Əliyeva. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, mən də Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi vəziyyəti haqqında ombudsmanın illik məruzəsini diqqətlə dinlədim. Bu məruzəni qənaətbəxş hesab edirəm və onun qəbul edilməsinə müsbət səs verəcəyəm. Lakin Elmira xanımın və hörmətli millət vəkillərinin diqqətini bir məsələyə cəlb etmək istəyirəm.
Ermənilər bizim millətin başına bu qədər oyun açdığı halda bu gün də onların sosial hüquqlarını qoruyur və Azərbaycan Respublikasından MDB ölkələrinə köçən ermənilərin daha da firavan yaşamasına köməklik edirik. Qaldırdığım məsələyə bir az aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi, Azərbaycandan köçüb gedən ermənilər keçmiş SSRİ-nin müxtəlif respublikalarında yaşayır və işləyirlər. Müəyyən müddətdən sonra təqaüdə çıxma vaxtı çatanda onların əvvəlki iş yerlərindən, yəni Azərbaycanda hansı təşkilatda, hansı vəzifədə işləyib, əmək haqqı nə qədər olub və sair barədə müvafiq sənədlər tələb olunur. Həmin respublikanın pensiya fondu ermənilərin sənədlərini ya öz ölkələrinin Ədliyyə və Daxili İşlər Nazirliyinə, ya da səfirlikləri vasitəsi ilə bizim Xarici İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə göndərir. Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi də həmin sənədləri aidiyyəti üzrə digər nazirliklərə ünvanlandırır. Müvafiq nazirliklərin əməkdaşları da işlərini, güclərini atıb həmin sənədləri ermənilərin işlədikləri müəssisələrə aparır və xahiş edirlər ki, bəs filan erməni 40–50 il bundan əvvəl sizin idarədə işləyib, onun işi, vəzifəsi, peşəsi və aldığı əmək haqqı barədə bizə arayış təqdim edin. Həmin sənədlər arxivlərdən tapılır və ermənilərə göndərilir.
Biz nə vaxta qədər ermənilərə qarşı belə humanist olacağıq? Başa düşürəm ki, bir sıra ölkələrlə ikitərəfli əlaqələrimiz var, beynəlxalq konvensiyalara qoşulmuşuq. Amma bu humanistliyin də bir həddi olmalıdır. Elmira xanıma sualım budur ki, Ermənistandan qovulan soydaşlarımızın sosial hüquqları da erməni hökuməti tərəfindən bu cür qorunurmu? Mən inanmıram ki, bu gün Ermənistan dövlətinin başında duran insanlar bu cür addım atmış olsunlar. Xahiş edərdim ki, mümkünsə, Elmira xanım buna aydınlıq gətirsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Kamilə xanım. Çox maraqlı bir məsələyə toxundunuz. Bu özlüyündə Azərbaycan dövlətinin, xalqının, bu və ya digər idarələrdə və müvafiq icra hakimiyyəti orqanlarında işləyən insanların öz vəzifə borclarına nə qədər sadiq olduqlarının, insan hüquqları haqqında qoşulduğumuz konvensiyaların müddəalarına nə dərəcədə əməl etdiklərinin göstəricisidir. Əlbəttə ki, bu, Azərbaycan dövlətinin mahiyyətidir, məzmunudur. Bəlkə kimlərsə buna görə sizin kimi ittiham irəli sürə bilərlər. Amma hesab edirəm ki, ilk növbədə Azərbaycanın həyatının əsasını təşkil edən dəyərlərə əməl etməliyik.
Əlbəttə ki, əgər söhbət Azərbaycan vətəndaşlarının məhv olmasında, həyatını itirməsində, üzləşdiyimiz faciələrin baş verməsində iştirak eləyən erməni əsilli cinayətkarlardan və bu gün də Ermənistan Respublikasının hakimiyyətində əyləşən adamlardan gedirsə, onlar zamanında layiqli cəzalarını alacaqlar. Azərbaycan dövləti də bunun üçün lazım olan hər şeyi edəcək.
İndi Elmira xanım özü cavab verəcək. Bəli, ona nail olmaq lazımdır ki, bu gün bizim soydaşlarımızın Ermənistanda üzləşdiyi ədalətsizliklər və çətinliklər də eyni qaydada qarşı respublikanın məmurları və dövlət orqanları tərəfindən aradan qaldırılsın. Bir şey də var ki, onların əksəriyyəti başqa ölkələrin ərazisində yaşayır və bizim bu ölkələrlə, onların hökumətləri, müvafiq qurumları ilə müqavilələrimiz, sazişlərimiz var. Bu sazişlər çərçivəsində də vəzifəmizi yerinə yetirməliyik. Bu mənim mövqeyimdir, kimsə bölüşməyə də bilər. Amma hesab edirəm ki, biz ilk növbədə dəyərlərimizə sadiq olduğumuzu göstərməliyik. Çingiz Qənizadə.
Ç. Qənizadə. Təşəkkür edirəm. Ombudsmanın illik məruzəsi ilə yaxından tanış oldum və qeyd etmək istəyirəm ki, sözün əsl mənasında, keçənilki məruzə ilə builki arasında xeyli fərqlər gördüm. Daha dolğun, ətraflı və eyni zamanda, daha çox iş görüldüyünü qeyd eləyən faktlara əsaslanan bir hesabatdır. Bu baxımdan hesabatın qəbul olunması üçün səs verəcəyəm və həmkarlarımı da buna dəvət eləyirəm.
Bəzi məqamları qeyd etmək istəyirəm. Bu onların fəaliyyətinin yaxşı tərəfi və qaldırılmış bəzi tövsiyə və təkliflər barəsindədir. Mən hüquq müdafiəçisi kimi ombudsmanın hesabatını cəmiyyətdə narazılıq yaradan sahələrə yönəlib yönəlmədiyi baxımından daha ətraflı oxumuşam. Məni də narahat eləyən bəzi məsələlər var ki, ombudsmanın hesabatında öz əksini tapıb. Amma bəzi məsələlər, doğrudan da, təkmilləşdirilməli, beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiyalara uyğunlaşdırılmalıdır.
Ombudsman hesabatın 8-ci səhifəsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı görülmüş işlər və eyni zamanda, “916” nömrəli qaynar xətt haqqında məlumat verdi. Qeyd etdi ki, Cinayət Məcəlləsinin 133-cü maddəsi konvensiyaya uyğunlaşdırılmalıdır. Doğrudan da, biz bu gün Cinayət Məcəlləsinin 126–127-ci maddələrinə baxsaq, burada qəsdən sağlamlığa az ağır, ağır zərər vurmadan söhbət getdiyi halda, işgəncənin özü, nə olduğu və işgəncəyə necə hüquqi qiymət verilməsi məsələsi 133-cü, 126-cı və 127-ci maddələrlə bir az uyğunsuzluq təşkil edir. Doğrudan da, bu gün Cinayət Məcəlləsindəki normativ hüquqi akt beynəlxalq konvensiya ilə uyğunlaşmır. Bu, qeyri-hökumət təşkilatları səviyyəsində müzakirə predmeti idi.
Elmira xanım çox haqlı olaraq bu məsələni qaldırıb və Cinayət Məcəlləsinin 133-cü maddəsinin konvensiyaya uyğunlaşdırılması təklifini verib. Çünki bu gün qadın hüquqlarının pozulması və qadınlara qarşı daha çox zorakılıq hərəkətlərinin baş verməsi ilə nəticələnən cinayət işlərinin istintaqı, təhqiqatı və məhkəmə perspektivi bəzən uğursuzluqla nəticələnir. Zərərçəkən xanımlar, belə deyək, zərif məxluqlar bəzən bu qanundakı çatışmazlıqdan əziyyət çəkirlər. Həm hüquqi nəticə əldə olunmur, həm də sonradan bir daha qorxu altında yaşayırlar. Zorakılıq yenə davam edərsə, bu prosesin hüquqi nəticəsi olmayacaq. Ona görə işgəncəyə dəqiq və düzgün qiymət verilməli, beynəlxalq hüquq normalarında, konvensiyalarda necə əks olunubsa, bizim qanunlarda da elə tətbiq olunmalıdır. Çox razıyam ki, ombudsman aparatı bu məsələni qaldırıb.
Müraciət etmək hüququ. Parlamentə kifayət qədər müraciətlər daxil olur və biz belə hesab edirik ki, bu müraciətlər az ola bilər. Niyə az deyil? Təbii ki, bunun cavabını bilirik. Çünki yerlərdə vəzifəli şəxslər, dövlət məmurları kifayət qədər işləmirlər, insanlarla təmasda olmurlar. Elə bil ki, yerli icra hakimiyyətinin başçılarından tutmuş ən kiçik məmura qədər hamı insanlarla təmasda olmaqdan qorxurlar və onlarla mütəmadi görüşlərdən çəkinirlər. Rəsmiyyət xətrinə ayda və ya həftədə bir dəfə bir neçə adamı qəbul edir və bununla işlərini bitmiş hesab edirlər. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul edilməməsi və müraciətlərə cavab verilməməsi ilə bağlı Ombudsman Aparatına daxil olan 189 şikayətin araşdırılması zamanı ortaya çıxmışdır ki, doğrudan da, yerlərdə bəzi vəzifəli şəxslər vətəndaşlarla işləməyə üstünlük vermirlər. İndi təkliflər hissəsində buna görə müəyyən qaydaların dəyişdirilməsi, vətəndaşların qəbul olunmaması və şikayətlərə baxılmaması ilə bağlı müəyyən cəza növlərinin tətbiqi təklif olunur. Mən də bunu müsbət dəyərləndirirəm.
Hesabatın 18-ci səhifəsində məhkəmə qərarlarının icrası ilə bağlı narahatlıqlar öz əksini tapıb. Doğrudan da, bu gün məhkəmə qərarlarının icrasında həddindən artıq problemlər var və ölkədə yüzlərcə, bəlkə də minlərcə icra olunmamış qərarlar mövcuddur. Bunların içərisində müəyyən obyektiv və subyektiv səbəblər var. Eyni zamanda, istər qərarı icra etməyən şəxslər, istərsə də icranı etmək istəyən şəxslər barəsində cəzasızlıq da səbəblər içərisindədir.
Fürsətdən istifadə edib bir məqamı da deyim. Vətəndaş məhkəmə qərarının icrası ilə bağlı gələn məmurun hərəkətindən şikayət etməklə o prosesi dayandırır. Yenidən ayrı icra məmuruna bu qərarı icra etmək tapşırıldıqda o həmin rayonun icra məmurlarının ümumi şöbəsinə şikayət edərək bu prosesi yenə də aylarla dayandırır. Bu, yolverilməzdir. Elmira xanım bu barədə təklif verdi. Belə hesab edirəm ki, qanunvericilikdə dəyişiklik edilməli, məhkəmə qərarı icra olunmalıdır. Gələn məmurun sifətinin icranı etməli olan şəxsin xoşuna gəlib-gəlməməsi bu prosesi dayandıra bilməz. Buna görə də bu gün məhkəmə qərarlarının icrası zamanı aylarla, bəlkə də illərlə süründürməçiliyə yol verilir. Mən istərdim ki, Elmira xanım gələcək fəaliyyətində bu məsələni daha dəqiq və dolğun əks etdirsin.
Növbəti məsələ sağlamlığın qorunması ilə bağlıdır. Bu gün səhiyyə sahəsindəki problemlərlə bağlı, eyni zamanda, həkimlərimizin məsuliyyətsizliyi, xəstəyə bir xəstə kimi deyil, biznes mənbəyi kimi baxması haqqında kifayət qədər danışmaq olar. O, müraciət eləyən xəstəni əlindən buraxmaq istəmir, baxmayaraq ki, onun profili deyil. Xəstələri danışılmış, razılaşdırılmış müəyyən apteklərə göndərir və çoxsaylı dərmanlar aldırır. Elmira xanım burada haqlı olaraq qeyd eləyib ki, həkimlərin bu cür məsuliyyətsizliyi nəticəsində ölüm halları, şikəstlik və digər hallar baş verir. Bu baxımdan Elmira xanımdan gələcək fəaliyyətlərində səhiyyəyə daha çox diqqət ayırmalarını xahiş edərdim.
Vətəndaşların mənzil hüququnun pozulması ilə bağlı fikrimi bildirmək istəyirəm. Bilirik ki, yüzlərcə, minlərcə insan yeni tikilmiş binalarda mənzil almaq üçün pul veriblər, amma aldadılıblar. Doğrudur, son aylar onların bir neçəsi həbs olunub, istintaq işi gedir. Burada dövlət müəyyən qədər məsuliyyət daşımasa da, sağ olsunlar ki, minə yaxın şikayətçinin hüquqları mənzil tikən digər sahibkarların köməkliyi ilə həll olundu. Amma bu gün Azərbaycanda yenə də onlarla MTK-lar var ki, insanları aldadır. Hətta bir nəfəri belə aldadıbsa, dələduzluq edibsə, mütləq cəzalanmalıdır.
Bizə vaxtilə belə bir qeyri-rəsmi göstəriş verilmişdi ki, dələduzluq cinayətləri ilə bağlı həddən çox cinayət işi açılmasın, yoxsa ölkənin böyük bir hissəsində bu insanlar məsuliyyətə cəlb olunarlar. Mən o vaxt müsahibələrimdə deyirdim ki, bu daha çox cinayət törətməyə gətirib çıxaracaq və cinayətlərin sayı qat-qat artacaq. İndi şükürlər olsun ki, artıq Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi bu cür hərəkətlərə dərhal münasibət bildirirlər və cinayət işi başlanır. Hesab edirəm ki, mənzil hüquqlarının pozulması ilə bağlı vətəndaşların şikayətlərinə olduqca diqqətli yanaşmaq lazımdır.
Növbəti məsələ Penitensiar Xidmətlə əlaqədardır. Məhbusların hüquqlarının müdafiəsi ilə bağlı Elmira xanım hüquq müdafiəçiləri ilə əməkdaşlıq eləyir. Eyni zamanda, qeyd edim ki, Ədliyyə Nazirliyinin yanında fəaliyyət göstərən Penitensiar Sahəyə İctimai Nəzarəti həyata keçirən İctimai Komitə var, mən də o komitənin üzvüyəm, bir neçə gün əvvəl də onun koordinatoru seçilmişəm. Belə hesab edirəm ki, biz növbəti ildə də Elmira xanımla bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik.
Son olaraq bir şeyi qeyd edim ki, nəticə və tövsiyələr hissəsində Elmira xanımın, Ombudsman Aparatının qaldırdığı məsələlər var. Bu həm beynəlxalq normalara uyğunlaşdırılma, həm də nələri gələcəkdə görmək istəmələri ilə bağlıdır və olduqca maraqlıdır. Belə hesab edirəm ki, bu, qanunvericiliyimizdə olan boşluqların doldurulmasına gətirib çıxaracaq. Eyni zamanda, cənab Prezidentin 2011-ci il 27 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda göstərilən o müddəaların da gələcəkdə əməkdaşlıq nəticəsində həllinə nail olacağıq.
Qısaca bir şeyi də qeyd edim ki, burada Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşmasından söhbət gedir. Doğrudan da, bu bir az gülməli görünür. Çünki məhkəmə vətəndaşı tutmaqdan imtina etdikdə prosessual məcəlləyə görə 7 gün müddətində prokuror etiraz edirsə, onu həbsdə saxlamaq hüququ qanunlarda var, amma Konstitusiyada və beynəlxalq normalarda başqa şey yazılıb. Uğurlu hesabata görə İnsan hüquqları üzrə müvəkkil Aparatına, Elmira xanıma təşəkkür edirəm və həmkarlarımı illik məruzəyə səs verməyə dəvət edirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli həmkarlarım, mən də qarşıdan gələn bayram münasibətilə qadın həmkarlarımızı, məcburi köçkün və qaçqın həyatı sürən qadınları, bütövlükdə bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edirəm, onlara uzun ömür və can sağlığı arzulayıram.
O ki qaldı bu gün təqdim olunmuş hesabata, mənim də bu haqda fikrim müsbətdir. Həqiqətən də, İnsan hüquqları üzrə müvəkkil təsisatı təşkil olunandan bu günə kimi biz dəfələrlə ənənəvi olaraq onun hesabatını dinləyirik. Hesabat hər il, demək olar ki, yeni bir mərhələyə qədəm qoyur. Bu il də Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edən mükəmməl bir hesabat hazırlanıb. Mən hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) bu sahədə işi çox təqdirəlayiqdir.
Bununla bərabər, bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Hesabatda yazılıb ki, hazırda 1 milyona yaxın soydaşımız, ölkə əhalisinin hər 9 nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Elmira xanım, mənə elə gəlir ki, 1993–1994-cü illərdə onların sayı 1 milyon nəfər idi, bu gün isə bəlkə də 1 milyon 200, yaxud 1 milyon 300-dür. Mən arzu edirəm ki, gələcək illərdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən qaçqın və məcburi köçkünlərin sayı daha dəqiq öyrənilsin və hesabatda düzgün qeyd olunsun. Yəqin ki, bu hesabat müxtəlif beynəlxalq təşkilatlara da göndərilir.
İkinci, “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi” bölməsində Xocalı şəhərində törədilmiş soyqırımı qeyd olunur. Bilirsiniz ki, vaxtilə Xocavənd rayonunun Qaradağlı kəndində də heç də miqyası Xocalı faciəsindən az olmayan bir soyqırımı baş vermişdi. Əvvəllər, xüsusən 1992–1993-cü illərdə nədənsə onun haqqında danışmırdılar, çünki Xocalıya gedən yol elə Qaradağlıdan başlamışdı. Amma son iki-üç ildə cənab Prezidentin birbaşa göstərişi ilə bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif vasitələrə əl atılır, konfranslar keçirilir, filmlər çəkilir, kitablar yazılır və təqdim olunur. Yaxşı olar ki, gələcək hesabatlarınızda Xocalı şəhərinin adı ilə yanaşı, Xocavənd rayonunun Qaradağlı kəndi də öz əksini tapsın.
Digər bir məsələni də burada qeyd etmək istəyirəm. Bildiyiniz kimi, məcburi köçkünlər 20 ilə yaxındır ata-baba yurdlarından didərgin düşmüşlər. Onların xeyli hissəsi bu gün obyektiv səbəbdən daimi iş yeri tapa bilmirlər. Bilirsiniz ki, pensiya vaxtı çatanda əmək stajı nəzərə alınır. Amma onlar 20 ildir, işləmir, bu staj haradan ola bilər? Elmira xanım, bu barədə mənə çoxlu müraciət var. Bilmirəm, bu məsələ ilə bağlı Sizə müraciət olunur, ya olunmur, bu haqda düşünmək və o insanlara bu ağır gündə köməklik etmək lazımdır. Bütövlükdə, Ziyafət müəllim, mən bu hesabatı bəyənirəm, lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Təşəkkür edirəm. Mən də bugünkü hesabata görə Elmira xanıma təşəkkürümü bildirirəm. Eyni zamanda, həm onu, həm Milli Məclisdəki xanımları, həm də bütün Azərbaycan xanımlarını bayram münasibətilə təbrik edirəm. Ölkəmizdə normal fəaliyyət göstərən təsisatlardan biri, şübhəsiz, ombudsman təşkilatıdır. Elmira xanımın bu sahədə gördüyü işlər hamımıza məlumdur, hesabat oldu-olmadı, bu, göz qabağındadır. Buna görə hamımız ona öz minnətdarlığımızı bildiririk. Hesab edirəm ki, bu iş genişləndirilməlidir.
Azərbaycan rəsmi olaraq insan hüquqlarının qorunması sahəsində xeyli iş görüb. Müvafiq qanunlar var, ölkə Prezidenti iki dəfə insan haqlarının, azadlıqlarının qorunması ilə bağlı proqram səviyyəsində sənəd hazırlayıb, təqdim edib. Yəni formal cəhətdən bu sahədəki fəaliyyətimizə heç bir maneə yoxdur, Azərbaycanda insan hüquqlarının qorunması qanunlarda həllini tapıb.
Amma reallıqda, təəssüf ki, tamam ayrı vəziyyətlə üzləşirik. Məlumdur ki, insan hüquqları çox geniş anlayışdır və cəmiyyətin bütün təbəqələrini və insanın bütün yaş mərhələlərini əhatə edir. Uşaqların, məktəblilərin, tələbələrin, əsgərlərin, müəllimlərin, hüquq müdafiəçilərinin, hətta millət vəkillərinin hüququ bu anlayışın içindədir. Özümüzdən başlayaq. Millət vəkillərinin hüquqlarının nə cür qorunmasını, onların səlahiyyətlərini yerinə yetirərkən hansı çətinliklərlə üzləşməsini göz qabağına gətirsək, vəziyyəti izah etməyə ehtiyac qalmaz. Jurnalistlərin hüququ və söz azadlığının qorunması sahəsində çox ciddi problemlər var.
Mən geniş spektri göz önünə gətirəndə öz-özümə fikirləşirəm ki, görəsən, biz hansı şəkildə – rəsmimi, istədiyimizmi, yaxud beynəlxalq aləmə təqdim elədiyimizmi səviyyədə hüquqlarımızın qorunmasından danışa bilərik. Uşaqlarımızın hüququ, tələbələrin hüququ, gənclərin iş hüququ – hansı sahəyə baxsaq, orada son dərəcə ciddi problemlərlə üzləşəcəyik. Təbii ki, bu, bir neçə məsələ ilə bağlıdır. Hüquq mədəniyyətinin aşağı olması, qanunların işləməməsi, məmurların özbaşınalığı və sair. Bunlar hamısı geniş müzakirə mövzusudur. Mən çox istərdim ki, bu ay nəzərdə tutulmuş hökumətin illik hesabatının müzakirəsi bir gün yox, iki gün davam eləsin. Ayrıca vaxt verilsin ki, insan hüquqları, ümumiyyətlə, ölkədəki vəziyyətlə bağlı hökumətin iştirakı ilə burada geniş müzakirə aparılsın. Bu çox vacibdir. Özümüzü laqeyd aparıb “hər şey yaxşıdır” desək də, vəziyyətin gərginliyini, camaatın müəyyən proseslərdən narazılığını hamımız bilirik.
Hesabat dövründə rayonlara getdik. Mən bir sıra rayonlarımızdakı vəziyyəti müşahidə etdim və bununla bağlı müəyyən məsələləri demək istəyirəm. İş məsələsini diqqətinizə çatdırıram. Bu, bir ilin, iki ilin məsələsi deyil. İş yerlərinin açılması, təsərrüfatın qurulması, bir sıra tikinti, yol, abadlıq işləri vaxt istəyir. Amma elə şey var ki, vaxt istəmir. Bu gün bu adamı vəzifəyə qoydun, sabah o, millətlə işləməlidir.
Mən hələ müstəqillikdən əvvəlki illərdə deyirdim ki, bunlar balaca padşahlardır. İndi görünür, ayrı termin tapmaq lazımdır. Təcrübəsiz adamlar rayonlara icra başçısı göndərilirlər. Dediyim problemlərlə məşğul olmaq bir yana, onlar heç əhalini adam yerinə qoymur, camaata salam vermirlər. Gedən kimi elə hesab edir ki, rayon onun şəxsi mülkiyyətidir, camaatın əlində nə var onu alıb özəlləşdirə və kimi istəyir vəzifəyə təyin eləyə bilər. Rayonda mütəxəssis yoxdur, dalınca haradan istəsə, qul-beçə gətirə bilər. Bunlar camaatın gözünün qabağında baş verir. Bu da insan hüquqları ilə bağlı olan məsələdir.
Ərizələrə cavab verilmir. Elə rayon var ki, vətəndaş 6 ay icra başçısının qəbuluna düşə bilmir. Şikayətlərə cavab verən yoxdur. Harınlıq var. Bilirsiniz, icra başçısı dövlət məmurudur. Dövlət məmurlarının, elə millət vəkillərinin də qanunla bizneslə məşğul olmaq hüququ yoxdur. Milli Məclisin vəsiqəsi cibində ola-ola gedib bizneslə məşğul olmaq, vəkillikdən istifadə edib pul qazanmaq bu dövlətə yaraşan iş deyil. İcra başçılarının bir çoxu o cürdür. Bunlar rayona bizneslərinin bir hissəsi kimi baxırlar. Bu da camaatda narazılıq yaradır, insan haqları pozulur.
Bütün dövlət orqanlarının yanında “yan” təşkilatlar var. Bakıda vətəndaşın evi sökülür, icra başçısı deyir ki, mən bununla məşğul olmuram. Nə bilim, nazirliklər də həmçinin. Bununla kim məşğul olur? Bütün dövlət təşkilatlarının “yan” təşkilatları var ki, ünvanı, şəxsiyyəti bilinmir. Bilmirsən, bunlar kimdir, amma dövləti idarə edirlər. Bu paralelliklər durduqca insanların vəziyyəti getdikcə ağırlaşacaq və dövlətin çəkdiyi zəhmət də hədər gedəcək.
Bilirsiniz, dövlət hüququ ilə insan hüququnun arasında bir sərhəd var. Dövlət insan hüququnu qoruduqca insan da dövlətin hüququnu qoruyur. Məsələn, mən Azərbaycan Respublikası Prezidentinin vətəndaşlarla danışığını görürəm. İcra başçıları hüququ pozur, qudurğanlıq eləyir, onlardan hesabat tələb eləmir, özü hesabat verir. Halbuki onlardan da hesabat tələb eləməlidir. Onun rəftarı budur, amma vəzifəyə qoyduğu məmurların rəftarı tamamilə başqadır. Onların qudurğanlığı hərc-mərcliyə gətirib çıxara bilər. Hesab edirəm ki, biz Azərbaycan dövlətinin gələcəyini düşünürüksə, vətəndaşlarımızın mövqeyini qorumalıyıq. İnsanların mövqeyi qorunduqca dövlətin mövqeyi güclənəcək, ömrü uzanacaq. Bu hakimiyyət gələcəyini düşünürsə, ilk növbədə onlara hörmət eləməyi öyrənməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli deputatlar, artıq vaxtımız sona çatmaq üzrədir. Əgər etiraz eləmirsinizsə, Siyavuş müəllimə də söz verək, sonra yekunlaşdıraq. Buyurun, Siyavuş müəllim.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də deputat həmkarlarıma qoşulub xanımlarımızı təbrik edirəm. Ombudsmanın hesabatını da məqbul hesab edirəm. Bu hesabat çox əhatəli, hərtərəfli şəkildə hazırlanıb, bütün sahələr, demək olar ki, əks olunub. Bir faktı qeyd etmək istəyirəm. Təkcə bir il ərzində on mindən artıq ərizə və şikayətə baxılıb və bunun böyük bir hissəsi öz həllini tapıb. Bunun özü çox böyük işdir ki, təşkilat bir il ərzində ayrı-ayrı sahələrlə bağlı on mindən yuxarı ərizə və şikayətə baxıb lazımi addımlar atır və vətəndaşların hüquqlarının qorunması üçün zəruri tədbirlər görür. Əvvəlki illərdə hüquq mühafizə orqanlarından – prokurorluq sistemindən, polisdən, məhkəmədən şikayətlər daha çox daxil olurdusa, indi isə tamamilə ayrı-ayrı sahələrlə – sosial sahələrlə, mülkiyyət münasibətləri, tibb və təhsil sahəsi ilə bağlı müraciətlərin çəkisi getdikcə artır, yəni tədricən bu məsələlər öz həllini tapmaq üzrədir.
Elmira xanım insan hüquqlarının qorunması haqqında geniş məlumat verdi. Dünyada baş verən hadisələr, ziddiyyətlər insan hüquqları ilə bağlıdır. Hörmətli Sabir müəllim qeyd etdi, dünyada haqq-ədalət qalmayıb. Biz Azərbaycan olaraq güclə bunu qoruyub saxlayırıq. Bir dövlət başqa bir dövlətin ərazisini heç bir qərar olmadan gedib tutur, dağıdır və yaxud parçalayır, orada yaşayan insanların hüquqları pozulur.
Vaxtilə Səddam Hüseyni ittiham etdilər ki, onun sayəsində 145 nəfər həlak olub. Bu gün İraqda 1 milyon insan həlak olub, 6 milyon insan şikəstdir. Dünyada baş verən hadisələr və təhdidlərin içərisində Azərbaycanda insan hüquqlarının qorunması nümunəvi xarakter daşıyır.
Balaca Avropada böhran baş verən kimi vətəndaşlarla hüquq mühafizə orqanları arasındakı qırğının şahidi oldunuz. Hansı formada Azərbaycana dərs verməyə çalışırlar? Ombudsmanın hesabatında göstərilir ki, sərbəst toplaşma, polislərin davranışları və sair haqqında xüsusi tədris keçirilməlidir. Tamamilə düzgündür. Amma Avropada hansı hərəkətləri edirlər? Qloballaşma ilə, ayrı-ayrı sahələrdə olan problemlərlə, böhranla bağlı insanların başına hansı oyunları açırlar? Həmin ölkələr Avropa Xartiyasına qoşulublar və insanların hüquq və azadlıqlarını qorumalıdırlar.
Azərbaycanda olan hüquq müdafiəçiləri ombudsmanın hesabatından nümunə götürsünlər ki, hansı insanların hüquqları müdafiə olunmalıdır? Ortaya hesabat qoysunlar ki, indiyə qədər kimlərin hüquqlarını qoruyublar? Məlum olacaqdır ki, oğruların, Vətən xainlərinin, Vətənə xəyanət edənlərin, erməniyə qulluq göstərənlərin, Azərbaycanın ərazisində terror hadisələrini həyata keçirənlərin və digərlərinin. Bir müəllimin, həkimin, uşağın, internat məktəbində olan adamın hüquqlarını müdafiə ediblərmi? Bir dəfə yollarını internatdan salıblarmı? Xeyr, ancaq varlı, pullu adamların hüquqlarının müdafiəsi ilə məşğul olurlar. Azərbaycana təzyiq göstərməkdən ötrü olmazın yalanı, böhtanı yazıb ayrı-ayrı şuralara, təşkilatlara göndərməklə məşğuldurlar. Onların da, hesab edirəm ki, istər Milli Məclisdə, istərsə də Azərbaycan ictimaiyyəti qarşısında hesabatlarını almaq lazımdır. 10–15 ildən artıq çalışan hüquq müdafiəçiləri var. Müdafiə etdiyin şəxs gedib Ermənistanda öz qurultayını keçirdi.
Mən keçən dəfə Milli Məclisdə də dedim. Vaxtilə Azərbaycan hökuməti deyəndə ki, Əlikram Hümbətov cinayətkardır, siyasi məhbus deyil, onu müdafiə edənlər indi gəlib cavab versinlər ki, Yerevanda Azərbaycanın əleyhinə hansı qurultayı keçirir? Bax, bu cür Vətən xainləri özləri özlərini ifşa edib ortaya çıxarırlar. Həmin hüquq müdafiə təşkilatları da bununla əlaqədar elə özlərini ifşa edirlər.
Ermənistandan köçürülən insanlar haqqında burada qeyd olundu. Əvvəlki dövrləri heç demirəm, son dövrlərdə 200 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan köçüb gəlib, mülkiyyəti orada qalıbdır. Bir nəfər bu haqda hüquq müdafiə təşkilatlarına, Avropa məhkəməsinə və digərlərinə müraciət etmir. Heydər Əliyev sarayının arxasında bir ev uçur, dərhal Avropa məhkəmələrinə müraciət edirlər. Əgər hüquq müdafiəçisidirsə, 200 min insanın da hüququnu müdafiə etməyə çalışsın. Bir dəftərinizin qırağında onların da haqqında bir kəlmə yazın. Elə məlumat ötürməklə iş bitmir.
Bu gün biz ombudsmanın buradakı hesabatına qulaq asanda görürük ki, Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə qorunur, müdafiə olunur, Azərbaycan bu sahədə bir nümunə ölkədir. Kimin yazmasından, deməsindən asılı olmayaraq, Azərbaycanda insan hüquqları qanunla qorunur. Harada ki pozuntular var, həmin sahədə də ombudsmanın, elə Milli Məclisin deputatlarının, digər şəxslərin fəaliyyətlərinin nəticəsində aradan qaldırılır. Mən deputat həmkarlarımı bu hesabata səs verməyə çağırıram. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, Daxili Nizamnaməyə görə ombudsmanın illik məruzəsinin nəzərə alınıb-alınmaması ilə bağlı münasibətimizi bildirməliyik. Xahiş edirəm, kim illik məruzənin nəzərə alınmasına tərəfdardırsa, münasibətini bildirsin.

Səsvermənin nəticələri  (saat 14.03 dəq.)
Lehinə  100
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilədir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərimizi tutaq. Gündəliyin ikinci məsələsi Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Sabah cəmiyyətimizin sevimli bayramlarından biri olan 8 mart Beynəlxalq Qadınlar Günüdür. Qeyd etməyi vacib sayıram ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət quruculuğunun sosial modelinin başında ailə, qadın problemləri və onlarla bağlı qayğılar durur. Sevindirici haldır ki, zaman-zaman sayı artan qadın deputatlarımız ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərir, əhalinin bu qrupunu layiqincə təmsil edirlər.
Müasir Azərbaycanın qadın etalonu sayıla bilən deputat həmkarımız Mehriban xanım Əliyeva parlamentdə ana, qadın, uşaq problemləri ilə bağlı əksər qanun layihələrinin təşəbbüskarı və dəstək verəni kimi inamla çıxış edir. İcazə verin, layihənin təqdimatına keçməzdən öncə Milli Məclisin xanım deputatlarını, Aparatın qadın əməkdaşlarını, jurnalist qız və bacılarımızı bu sevimli bayram münasibəti ilə ürəkdən təbrik edim, onlara can sağlığı, gözəllik və uğurlar diləyim! (Alqışlar.)
Hörmətli deputat həmkarlarım! Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi 2012-ci il fevralın 1-də Milli Məclisdə ikinci oxunuşda müzakirə olunmuşdur. Qanun layihəsi ilə bağlı müzakirələrdə deputatlar tərəfindən heç bir ciddi irad və təkliflər səslənməmişdir. Buna baxmayaraq, qanun layihəsində, əsasən, aşağıdakı dəyişikliklər edilmişdir.
Xatırlatmaq istəyirəm ki, bəzi deputat həmkarlarımız birinci oxunuş zamanı dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı üzrə dövlət proqramı ilə bağlı fikirlərini səsləndirmiş və bu maddənin layihədən çıxarılmasını təklif etmişdilər. Yadınızdadırsa, layihə ikinci oxunuşda müzakirə olunarkən biz 3.0.1 və 4-cü maddələrdə ehtiva olunan müddəaların sənəddə saxlanılmasını əsaslandırmış və müdafiə etmişdik, əlbəttə, düzgün etmişdik. Buna baxmayaraq, deputat həmkarlarımızın fikirlərinə, komitəmizin ənənələrinə sadiq qalaraq qeyd olunan maddələrin layihədən çıxarılması məsələsinə yenidən baxmışıq. Hesab edirik ki, dövlət proqramının ayrıca maddə olaraq layihədən çıxarılması digər maddələrdə ehtiva olunan bu xəstələrin sosial müdafiəsinə maliyyə vəsaitlərinin daha geniş miqyasda ayrılması üçün şərait yaradır. Qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldıqdan sonra həmin müddəalar üçüncü oxunuşda sizə təqdim olunan qanun layihəsindən çıxarılmışdır. Bununla yanaşı, həmin normanın qanun layihəsində olmaması dövlət proqramının qəbulunu heç də istisna etmir.
Qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq layihədə bir sıra dəqiqləşdirmələr aparılmışdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən istinad olunan hüquqi aktın adı konkret göstərilməlidir. Bu baxımdan 8.0.8 və 10.2-ci maddələrdə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə, 10.3-cü maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq” sözləri ilə, 11-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “qanunla müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilmişdir. 6.2-ci maddədə “məcburi tibbi sığorta” sözlərindəki “məcburi” sözü “icbari” sözü ilə əvəz edilmişdir. Eyni zamanda, 7.6-cı maddədən “dərhal” sözünün çıxarılması məqsədəuyğun hesab edilmişdir.
Hörmətli deputat həmkarlarım, sizi qanun layihəsinə üçüncü oxunuşda səs verməyə çağırıram. Əmin etmək istəyirəm ki, bu qanunun qəbulu səhiyyə sahəsində daha bir xəstəlik növünün profilaktikası, müayinəsi və müalicəsi istiqamətində ciddi addım olacaq və xəstələrin sosial müdafiəsini daha da gücləndirəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, üçüncü oxunuşun tələbinə görə müzakirə olmadığı üçün, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.09 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Səməd müəllim, bəlkə dördüncü məsələni də məruzə edəsiniz, ondan sonra səsverməni ayrı-ayrı apararıq. Azərbaycan və Rusiya Federasiyası arasında sazişi də təqdim edin. Buyurun, Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hər iki məsələnin bir-biri ilə əlaqəsi var. Bu, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsi deməkdir. Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin viza tələblərindən azad edilməsi məsələsi artıq reallığa çevrilmiş və parlamentimizdə müxtəlif ölkələrlə bağlanılmış sazişlər silsiləsindəndir. Litva–Azərbaycan münasibətləri çox yüksək səviyyədə təşkil olunur. Azərbaycan parlamenti Litva parlamenti ilə bir yerdə iki ilə yaxın Tvinninq Proqramı üzrə Avropa Birliyində bir yerdə fəaliyyət göstəriblər. Bizim əməkdaşlarımız Litvadan gələn mütəxəssislərlə birgə xeyli layihələr həyata keçirmişlər.
Biz dəfələrlə Litvada olaraq onların diqqətinə də çatdırmışdıq ki, biz artıq Fransa Respublikası, İtaliya, Avstriya , Çexiya ilə başqa ölkələrlə bu cür sazişləri qəbul etmişik. Azərbaycan–Avropa münasibətlərinə çox böyük xeyir gətirən bu istiqamətdə sazişlər parlamentimiz tərəfindən qəbul olunub. Litva Avropa Birliyinin fəal üzvlərindən biridir. Belə bir sazişin qəbul olunması Azərbaycan maraqlarına tam şəkildə uyğundur və biz komitəmizdə yekdilliklə bu sazişin parlamentdə qəbul edilməsinə tərəfdar olmuşuq.
İkinci, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Saziş çox vacib və əhəmiyyətli bir sənəddir. Ümumiyyətlə, Azərbaycan–Rusiya münasibətləri inkişaf dövrünü yaşayır, münasibətlərimiz çox yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Medvedyev arasında son zamanlar çox yüksək səviyyədə görüşlər keçirilib. Əminəm ki, Rusiyada prezident seçkilərinin nəticəsində yeni seçilmiş Vladimir Vladimiroviç Putinlə də eyni istiqamətdə yüksək səviyyədə münasibətlər təşkil olunacaq. Siz bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti artıq öz təbrik zəngini də edib, münasibətini də bildirib.
Bir problem mövcud idi. Hansı problemdən söhbət gedir? Bilirsiniz, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Bakının çox gözəl yerində yerləşmiş və tam şəkildə fəaliyyətə hazırdır. Eyni zamanda, Moskva şəhərinin mərkəzində Azərbaycan səfirliyi də fəaliyyət göstərir. Vyana konvensiyasının tələblərinə əsasən iki ölkənin arasında mövcud olan səfirliklər, birincisi, bu konvensiyaya uyğun olaraq hər iki ölkə üçün fəaliyyət göstərməyə başlayacaq. İkincisi isə Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan Hökumətinə və Azərbaycana məxsus olan bir mülkiyyət xarakteri daşıyacaq. Rusiyanın Azərbaycandakı səfirliyi isə Rusiyaya aid mülkiyyət xarakteri əldə edir. Beynəlxalq münasibətlərdə bu çox vacib bir məsələdir. Ona görə biz bu məsələyə yalnız və yalnız müsbət münasibətimizi bildirməliyik. Rusiyanın Azərbaycandakı səfirliyi gözəl bir yerdə yerləşir. Azərbaycanın Moskvadakı səfirliyi də çox gözəl, strateji nöqteyi-nəzərdən vacib bir yerdə yerləşir. Siz bu qərar layihəsində xəritələri də görürsünüz. Xəritələrə baxsanız, görərsiniz ki, məsələlər diqqətlə, dəqiq əksini tapmışdır. Ona görə mən millət vəkillərini hər iki sazişə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, üçüncü məsələyə – “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr  (saat 16.14 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.15 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1  
İştirak edir  89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Beşinci məsələ “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”də dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir. İcazənizlə, bu qanun layihəsi ilə əlaqədar mən sizə məlumat verim.
Hörmətli deputatlar, bilirsiniz ki, bu saziş 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmışdır. 2011-ci il dekabrın 29-da bu protokol Bakı şəhərində imzalanıb. Sadəcə, bu məsələnin gündəliyə çıxarılmasının bir səbəbi var. Qarşı tərəfin razılığı ilə Azərbaycan variantında olan mətnin ingilis dilinə tam uyğunlaşdırılması nöqteyi-nəzərindən müəyyən düzəlişlər edilib. Yəni burada xüsusi maddələrin və ya hər hansı konseptual məsələnin dəyişdirilməsi ilə bağlı müddəa yoxdur. Yalnız tərcümə ilə bağlı müəyyən məsələlər ingilis dilində olan mətnə uyğunlaşdırılır. Əgər çıxış etmək istəyən yoxdursa, bununla bağlı xahiş edirəm, münasibətinizi bildirin. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri   (saat 16.17 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Altıncı məsələ “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev məlumat verir. Buyurun, Çingiz müəllim.
Ç. Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli sədarət, hazırda təsdiq üçün təqdim olunmuş saziş 2011-ci il 16 dekabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında imzalanmışdır. Sazişə əsasən tərəflər gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasını, malların idxal və ixracı zamanı alınan rüsum, vergi və digər gömrük ödənişləri və yığımlarının toplanılmasını, təyin edilməsini, iki ölkə arasında mövcud olan əməkdaşlığın gömrük sahəsində də inkişaf etdirilməsini nəzərdə tuturlar.
Bildiyiniz kimi, bu gün Azərbaycanın gömrük sistemi ölkənin xarici iqtisadi əlaqələrinin davamlı inkişafında, dünya iqtisadiyyatına inteqrasiyasında böyük rol oynayır. Qısa zaman ərzində ölkəmiz digər dövlətlərin əksəriyyəti ilə iqtisadi əməkdaşlıq əlaqələrini quraraq bərabər tərəfdaş kimi iri layihələrdə iştirak edir. Təbii ki, belə bir sazişin qəbul edilməsi ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etməsinə və hər iki dövlətin qarşılıqlı əməkdaşlığına imkan yaradır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm. Səməd müəllim, əlavəniz varsa, buyurun. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Təbii, bu məsələ bizim üçün çox vacib və əhəmiyyətlidir. Çingiz müəllim məsələləri çox düzgün qeyd etdi. Komitəmizdə bu məsələ də müzakirə olunub və yekdilliklə qəbul edilib. Mən bu qanun layihəsinə öz müsbət münasibətimi bildirirəm. Bununla yanaşı, indi qəbul etdiyimiz Amerika Birləşmiş Ştatları ilə sazişlə bağlı qısa şəkildə münasibətimi bildirmək istəyirəm. Bu da müxtəlif nöqteyinəzərdən bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Birincisi, Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox yüksək səviyyədə inkişaf edir. Böyük bir dövlətdir. Siz çox gözəl dediniz, edilən dəyişikliklər redaktə xarakteri daşımaqla yanaşı, burada əlavə bəndlər, müddəalar da var. Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək istəyirəm.
Ümumiyyətlə, kütləvi qırğın silahları, təhlükəsizlik sistemi ilə yanaşı, Azərbaycanın təhlükəsizliyi ilə bağlı Azərbaycan çox yüksək səviyyədə fəaliyyət göstərir. Bu yaxınlarda komitəmizin iki üzvünün, hörmətli Sevinc xanım Fətəliyevanın və Asim Mollazadənin Amerika Birləşmiş Ştatlarına uzunmüddətli səfəri, Xocalı ilə bağlı Azərbaycana kütləvi qırğın siyasətini tətbiq etmiş ermənilərin iç üzünü açmaq istiqamətində apardıqları işləri də xüsusi qeyd etmək istəyirəm. Mən, ümumiyyətlə, xahiş edərdim ki, Ziyafət müəllim, Sevinc xanım həmin səfər haqqında çox qısa şəkildə bir-iki məlumat versin. Orada çox vacib və əhəmiyyətli görüşlər keçiriblər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Sevinc xanım Fətəliyeva.
S. Fətəliyeva. Hörmətli deputatlar, mən səfərimiz haqqında qısaca məlumat vermək istəyirəm. Bizim səfərimiz çox uğurlu oldu. Missisipi ştatında, Arkanzas, Oklohoma, Texas və Vaşinqton şəhərlərində olduq. Orada müxtəlif görüşlər keçirdik. Həm konqresdə, həm Senatda, həm də Təmsilçilər Palatasında və digər qeyri-hökumət təşkilatları ilə görüşlər keçirdik. Missisipi və Oklohoma ştatlarında bir neçə qətnamə qəbul edilməsinə nail olduq. Qətnamələrin məzmunu bundan ibarətdir ki, Azərbaycan bir demokratik dövlət kimi Amerika Birləşmiş Ştatları üçün çox əhəmiyyətli və strateji partnyordur, müttəfiqdir və demək olar ki, Azərbaycanda gedən prosesləri, Azərbaycanın demokratiya yolunda inkişafını Amerika Birləşmiş Ştatları çox dəstəkləyir və həmişə bizim üçün yaxın bir müttəfiq kimi fəaliyyət göstərməkdədir. Onu da qeyd etmək istəyirdim ki, Oklohoma ştatında Senatın qabağında Azərbaycan bayrağı yüksəlmişdir. Bizimlə bir yerdə görüşlərdə Türkiyənin parlament nümayəndə heyəti də iştirak edirdi. Həm Azərbaycan, həm Türkiyə, həm də Amerika Birləşmiş Ştatlarının bayraqları məhz Senatın qabağında qaldırılmışdır. Düşünürəm ki, bu çox əhəmiyyətli bir hadisədir. Ümidvaram ki, belə hadisələr davam edəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İsraillə Azərbaycanın imzaladığı bu sazişin önəmi ilə bağlı mən bir məsələni xüsusi vurğulamaq istərdim. Son vaxtlar Azərbaycanın haqq sözünü dünyaya çatdırmaq üçün bir sıra beynəlxalq yəhudi təşkilatlarının ciddi dəstəyi var. Sevinc xanım Amerika Birləşmiş Ştatlarına səfərimiz barədə qısaca məlumat verdi. Bizim Vaşinqtonda Amerikanın ən önəmli yəhudi təşkilatı ilə görüşümüz oldu. Bizdən sonra Prezident Obama və Baş nazir Netanyahu onların qurultayında çıxış etdi. Biz AİPAC təşkilatının rəhbərliyi ilə görüş keçirdik. Qurultayda qəbul olunan əsas sənəddə Azərbaycan ilə bağlı xüsusi iddia daxil edildi. Azərbaycana demokratik və İsraillə dostluq münasibətlərini saxlayan bir ölkə kimi Amerika Birləşmiş Ştatlarındakı bütün yəhudi təşkilatları dəstək verməlidir. Bu, qurultay tərəfindən təsdiq olunmuş çox mühüm bir göstərişdir ki, Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında fəaliyyət göstərən yəhudi təşkilatları artıq Azərbaycanın müdafiəsinə yönəlmiş fəaliyyətdə olacaqlar.
Bu səfərlə bağlı bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Artıq Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərini, sadəcə, federal hökumətlə və konqreslə qurmayacaq. Biz artıq ştatlar səviyyəsində, ştat qubernatorları, senatorları, konqresmenləri ilə əməkdaşlıq edirik. Müvafiq ştatlarda qətnamələrin qəbul edilməsinə nail olmuşuq. Mən ümidvaram ki, Azərbaycan parlamenti Amerika Birləşmiş Ştatlarının 50 ştatı ilə əlaqələr yaradacaq. Bu gün ştatın senatoru və konqresmeni olan şəxslər gələcəkdə federal konqresə də seçilirlər. Biz artıq gələcək münasibətlərimizi məhz Amerika Birləşmiş Ştatlarının siyasətinin təməl hissəsində qurmalıyıq ki, haqq sözümüzü dünyanın ən nüfuzlu ölkəsinə çatdıra bilək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Asim müəllim. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.26 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1  
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Yeddinci məsələ “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə. Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan ilə Bolqarıstan strateji partnyor ölkələrdir və milli təhlükəsizlik məsələləri üzrə danışıqlar aparılmasını, siyasi, hərbi və iqtisadi əməkdaşlığın genişləndirilməsini arzu edərək hökumətlərimiz məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında saziş imzalayıblar. Hesab edirəm ki, bu saziş də parlamentdə ratifikasiya olunmalıdır.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.27 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Səkkizinci məsələ “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Yenə Əli Hüseynli məlumat verir. Buyurun.
Ə. Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, bu saziş Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının iştirakı ilə 2009-cu il may ayının 22-də Astana şəhərində imzalanmışdır. Təbii ki, bu, əhəmiyyətli bir sazişdir, çünki bizim əlaqələrimiz mövcuddur və cinayətkarlığa qarşı mübarizə sahəsində məlumat mübadiləsinə daim ehtiyac olur. Hazırda da bu mövcuddur. Amma Azərbaycan tərəfi bu sazişə həmişə olduğu kimi qeyd-şərtlə qoşulub. Qeyd-şərt də ondan ibarətdir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək bu ərazilərdə Azərbaycan belə münasibətləri tətbiq edə bilməyəcək. Amma vurğulamaq istəyirəm ki, belə bir qeyd-şərtin siyasi əhəmiyyəti onun hüquqi əhəmiyyətindən daha çoxdur. Azərbaycan Ermənistanın da qatıldığı bütün beynəlxalq sazişlərdə bu bəyanatları verir. Bununla bir daha Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu vurğulayır. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə əlaqədar Fəzail müəllim çıxış etmək istəyir. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Qanun layihəsini mən tamamilə dəstəkləyirəm və burada çox düzgün olaraq qeyd-şərt ifadə olunubdur. Məncə, bu, Ermənistanın işğalçı siyasəti ilə bağlıdır. Biz hər zaman bütün səviyyələrdə və sahələrdə, müzakirələrdə Ermənistanın işğalçı siyasətini önə çəkməliyik. Dünyanın diqqətini buna cəlb etməliyik. Lakin təəssüf edirəm ki, bu gün Milli Məclisin qarşısında çıxış edən Gürcüstan Prezidenti Saakaşvili...
Sədrlik edən. Fəzail müəllim, çox üzr istəyirəm. Mən bir söz deyim, ondan sonra istəsəniz deyərsiniz, istəməsəniz yox. Hörmətli cənab Mixeil Saakaşvili Gürcüstan dövlətinin Prezidentidir. Onun nə deyib-deməyəcəyi öz işidir. O, dövlət başçısıdır, xahiş edirəm, gəlin, onun çıxışını müzakirə etməyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox xahiş edirəm, Fəzail müəllim. Nə deyib-deməməyi onun öz işidir. Yaxşı, qanun layihəsi ilə əlaqədar başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri   (saat 16.30 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, doqquzuncu məsələ Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev. Tahir müəllim, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli sədarət, təqdim olunan Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsində 11 məsələ müzakirəyə çıxarılmışdır. Xarakterinə görə həmin məsələləri 4 qrupa bölmək olar. 1-ci qrupa 5 məsələ daxildir ki, bunlar Tovuz rayonu ərazisində kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutur. Təklif olunur ki, rayonun Aşağı Ayıblı kəndi “Əyyublu kəndi” adlandırılsın və Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilsin. 2-ci bənddə deyilir ki, Azaplı kəndi “Azaflı kəndi” adlandırılsın, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilsin. Üçüncü, Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsinin tərkibindəki Qazqulu kəndi “Qazıqulu kəndi” adlandırılsın. Dördüncü, Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi “Öşkən kəndi” adlandırılsın. Beşinci, Girzan kəndi “Hunan kəndi” adlandırılsın və Girzan kənd inzibati ərazi dairəsi Hunan kənd inzibati ərazi dairəsi hesab edilsin.
İkinci qrupda Qovlar qəsəbəsinə şəhər statusunun verilməsi nəzərdə tutulur. Nəzərdə tutulur ki, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilsin.
Üçüncü qrupda Tovuz şəhərinin ərazisinin genişləndirilməsi məsələsi qoyulmuşdur. Şəhərə bitişik 6 kənddən müvafiq qaydalarla torpaq sahələri ayrılıb Tovuz şəhərinin inzibati ərazisinə qatılır. Belə ki, Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kəndinin ərazisindən 276,19 hektar, Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 hektar, Qazqulu kəndinin ərazisindən 62,49 hektar, Bozalqanlı kəndinin ərazisindən 36,73 hektar, Dondar Quşçu kəndinin ərazisindən 182,74 hektar və Düz Çırdaxan kəndinin ərazisindən 28,5 hektar torpaq sahələri – cəmi 800,33 hektar Tovuz şəhəri inzibati ərazisinə verilir.
Dördüncü qrupda isə yeni inzibati ərazi dairələrinin yaradılması məsələsi müzakirəyə çıxarılır. Birinci, Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir. İkinci, Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Üçüncü, Cəlilli kəndi Düz Çırdaxan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Cəlilli kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Dördüncü, Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Etibar Hüseynov.
E. Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də ilk növbədə xanım həmkarlarımızı, jurnalistləri 8 mart qadınlar bayramı münasibətilə təbrik etmək istəyirəm. Bir anlığa Milli Məclisin salonlarını xanımlarsız təsəvvür etsək, adamı qara basar. Onların bizə bəxş etdikləri bu nura, işığa görə xanımlarımıza təşəkkür etmək istəyirəm. Yaxşı ki, varsınız. Allah-taala bəlkə də təsadüfi deyil ki, cənnəti anaların əllərində, ovuclarında deyil, ayaqları altında yaradıb ki, biz kişilər də onların qarşısında həmişə baş əyək, diz çökək. Buna görə var olun, Allah-taala ayaqlarınızı heç vaxt yerdən üzməsin.
Bu gün mən həmçinin deputat həmkarımız, hamımızın sevimlisi, fəxri olan Qənirə xanım Paşayevanı ad günü münasibətilə təbrik etmək istəyirəm. Məlum olduğu kimi, Qənirə xanım bu yaxınlarda həm də Gürcüstan dövlətinin ən ali mükafatı sayılan “Şərəf” ordeni ilə təltif olunubdur. Ona görə Qənirə xanımı da ayrılıqda təbrik etmək istəyirəm.
Mən Regional məsələlər komitəsindən olan həmkarlarıma dərin təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ən ucqar kəndlərimiz, rayonlarımız haqqında məsələ qaldırırlar və həmin məsələlər də öz həllini tapır. Ancaq həmkarlarımdan xahiş etmək istərdim ki, imkan olanda paytaxtımıza da bir diqqət yetirsinlər. Dövlət içində az qala dövlətə çevrilmiş Bakımızın hələ də statusu təyin olunmayıb. Onun bayrağı, gerbi, himni yoxdur. Baxmayaraq ki, bu gün Azərbaycanda az qala bütün idman federasiyalarının, müxtəlif komitələrin, – o gün mən mətbuatda oxudum,– hətta “Azəriqaz”ın belə himni var. Bu gün, deyəsən, biz gömrükçülərin gerbini təsdiq edəcəyik. Ancaq bütün bu atributların heç biri, təəssüflər olsun ki, hələ də Bakı şəhərində yoxdur. Ona görə mən bir daha həmkarlarımdan xahiş edərdim ki, imkan olsa, yaxın günlərdə Bakının statusu, atributları haqqında da qanun layihəsini hazırlayıb müzakirəyə çıxarsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. 8 mart gəlir qarşıda. Mən də, təbii ki, parlamentdə təmsil olunan xanımlarımız, şəhid analarımız, şəhidlərimizin xanımları və qızları başda olmaqla bütün xanımlarımızı təbrik edir, onlara can sağlığı, uğur, xoşbəxtlik arzulayıram. İnşallah, üzlərində həmişə sevinc olsun, kədər olmasın. Hər zaman ölkəmizdə sabitlik, inkişaf olsun ki, xanımlarımız da bundan özlərini xoşbəxt hiss etsinlər.
Mən vaxtınızı çox almayacağam. Bu gün Tovuz rayonu ilə bağlı çox önəmli bir layihə təqdim edildi. Mən, sadəcə, bu işdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Tovuzla bağlı çox önəmli bir məsələdir. Xüsusilə bəzi kəndlərin adlarının dəyişdirilməsi Tovuz, Tovuzun həmin kəndlərinin əhalisi üçün çox önəmli idi. Əslində, həmin kəndlərin tarixən belə adları olmamışdır, müəyyən dəyişikliklərə məruz qalaraq bugünkü vəziyyətə gəlib çatmışdır. Onların bəzilərində müəyyən dəyişiklik edildi, bəziləri dəyişdirildi.
Xüsusilə Qovlar qəsəbəsi bütün parametrləri ilə şəhər statusu düşəcək böyük qəsəbədir. Həmin statusun verilməsi çox önəmli bir məsələdir. Bu dəyişiklik Tovuza, onun müəyyən bölgələrində idarəetmənin daha yaxşı şəkildə aparılmasına çox önəmli töhfələr verəcək. Ona görə bütün həmkarlarımdan xahiş edirəm ki, bu layihəyə dəstək olsunlar, səs versinlər.
Əslində, bunların hamısı müsbət və Tovuz üçün çox önəmli dəyişikliklərdir. Əməyi olan hər kəsə təkrar təşəkkür edirəm. Bilirəm ki, ümumiyyətlə, bu məsələlərlə bağlı dəyişikliklər çox uzun müzakirə olunmuşdur, asan proseslərdən keçməmişdir. Bəzən müzakirələr çox gərgin olmuşdur. Amma sonda mən düşünürəm, həm Tovuz üçün, həm də ümumiyyətlə, doğru qərarlar verildi. Ona görə hər kəsə təşəkkür edirəm. Həmkarlarımı da bu sənədə dəstək göstərməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A. Abbas. Təşəkkür edirəm. Mən bir məsələyə toxunmaq istəyirəm. Çox yaxşıdır, müəyyən adlar dəyişdirilir. Amma mənim üçün bir məsələ maraqlıdır. Girzan kəndinin adının Hunan olmasını başa düşə bilmədim. Bunu niyə dəyişdilər? Layihədə “Cırdaxan” sözü də var. Cırdaxan nə deməkdir? Dəyişirlərsə, buna da birdəfəlik normal ad qoysunlar. Bir də, bu məsələni buraya gətirib çıxarmasınlar. Girzanın Hunan olmasını anlamadım. Azərbaycan dili müəllimiyəm, “Hunan” sözünü mən eşitməmişəm. “Cırdaxan” sözünü başa düşmürük. Əslində, heç “Ayıblı” da xoşagəlməyən sözdür. “Ayıb” sözünü Qarabağda da deyirlər, Qazaxda da, dildə işlənən bir sözdür. Bircə bunu demək istəyirdim.
Sədrlik edən. Aydındır, Aqil müəllim. Sağ olun. İzahatınız varmı, Tahir müəllim? Buyurun.
T. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Bizim komitədə də “Hunan” sözü ilə əlaqədar çox geniş müzakirə getdi. Hətta məndə Toponimiya komissiyasının 11 aprel tarixli stenoqramı var. Bu stenoqramda çox mübahisələr gedib. Ancaq mən hörmətli Yaqub Mahmudovun burada bir fikrini göstərmək istəyirəm. O deyir: “Yox, bunu dəyişmək çox vacibdir, lazımdır. Orada Hun qalası, qazıntı yerləri var. Tarixən burada hunlar məskən salıblar. Hun tayfası olub”.
Sədrlik edən. Sağ olun. Aqil müəllim hunun əleyhinə çıxış etmədi, “Hunan” sözündə “an” şəkilçisi ilə bağlı fikrini dedi. Aqil müəllim, tarixçi alimlərin fikirləri ilə gəlin razılaşaq. İlyas İsmayılov.
İ. İsmayılov. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Oraya gələn su axını “Hunan” adlanır, tarixi yerdir. Ona görə də bu adın qoyulması düzgündür.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, buyurun. Əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənə elə gəlir, Qənirə xanım izah etdi. Səsə qoyaq. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri   (saat 16.42 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 11, 12, 13-cü məsələlər nisbətən kiçik həcmli qanun layihələri olduğuna və əsasən redaktə xarakteri daşıdığına görə, etiraz etməsəniz, bunları irəliyə salaq. 10-cu məsələ Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlıdır və nisbətən çox vaxt aparacaq, bunu axırda müzakirə edərik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Növbəti məsələ “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi ilə bağlı Çingiz Əsədullayev məlumat verəcək.
Ç. Əsədullayev. Ziyafət müəllim, icazə versəniz, mən 11 və 12-ci məsələni birləşdirib bir yerdə təqdim edərdim. Ona görə ki, eyni məsələ ilə bağlıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 2011-ci il 24 iyun tarixdə qüvvəyə minməsi ilə əlaqədar “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” və “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi təklif olunur. Yəni texniki məsələdir. Xahiş edirəm, səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.44 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.45 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verəcək. Buyurun, Əli müəllim.
Ə. Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 8 və 15-ci maddələrində edilən dəyişikliklər dövlət büdcəsi vəsaiti hesabına narkoloji xidmətin maliyyələşdirilməsinə dəqiqlik gətirir. Mövcud qanunvericiliyə görə maliyyələşdirmə “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq həyata keçirilməlidir. Məhz buna görə də 8-ci maddədə konkret göstərilir: “Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu Qanuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq... həyata keçirilir”.
15-ci maddədə isə deyilir: “Narkoloji yardımın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Prezident fərmanı ilə hansı orqan olacağı sonradan müəyyənləşdirilir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif edilir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 16.46 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyin axırıncı məsələsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə. Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, Azərbaycan BMT-nin və Avropa Şurasının korrupsiyaya və mütəşəkkil cinayətlərə qarşı konvensiyalarına qoşulmuşdur. Bu konvensiyaların milli qanunvericiliyə tətbiqi ilə bağlı milli qanunvericilikdə, o cümlədən Cinayət Məcəlləsində bir sıra dəyişikliklər edilməli idi. Bununla bağlı xüsusi işçi qrupu yaradıldı və bir neçə il ərzində hüquqşünaslar Avropa Şurası, QREQO, MONYVAL təşkilatları ilə birlikdə əməkdaşlıq edərək Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında layihə hazırlamışlar.
Bu layihənin əsas mahiyyəti cinayət-hüquqi tədbirlərin subyektləri sırasına hüquqi şəxslərin də aid edilməsidir. Eyni zamanda, konkret olaraq göstərmək istəyirəm ki, bir sıra qitə sistemli hüquq sisteminə malik ölkələrdə hüquqi şəxslər barəsində tətbiq olunan məsuliyyət növləri genişdir və bir çox cinayətlərə görə hüquqi şəxslər məsuliyyətə cəlb olunurlar. Cənab Prezident tərəfindən təklif olunmuş layihədə konkret olaraq göstərilir ki, terrorçuluğun, silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan cinayətlərə görə hüquqi şəxslər cinayət məsuliyyətinin subyekti kimi ehtiva oluna bilərlər. Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində regiondakı mövqeyi məlumdur və bu baxımdan həmin müddəa tamamilə əsaslıdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu layihədə hüquqi şəxslər barəsində tətbiq olunacaq cinayət-hüquqi tədbirlərin növləri də konkret göstərilib. Bunlara cərimə, xüsusi müsadirə, hüquqi şəxsin ləğv olunması və hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi daxildir. Gördüyünüz kimi, cənab Prezident tərəfindən təqdim olunmuş bu layihənin çərçivəsi kifayət qədər aydındır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, layihə hazırlanarkən bir sıra Avropa ölkələrinin, qonşu ölkələrdən Gürcüstanın, Qazaxıstanın, Rusiyanın da təcrübəsi öyrənilmiş və belə bir layihə hazırlanmışdır. Amma məlumat üçün qeyd etmək istəyirəm ki, bu qanunun qüvvəyə minməsi ilə bağlı keçid müddəaları mövcuddur.
Bu qanunun qüvvəyə minməsindən ötrü biz gələcəkdə cinayət-prosessual qanunvericiliyimizə də bir sıra dəyişikliklər etməliyik. Ona görə də qanunun qüvvəyə minməsi ilə bağlı 2-ci maddə mövcuddur. Cinayət Məcəlləsinin 15-2-ci fəsli cinayət-prosessual qanunvericiliyində ediləcək dəyişikliklərlə eyni vaxtda qüvvəyə minəcəkdir. Bu layihə qəbul olunarsa, 2012-ci il may ayının 1-dən qüvvəyə minəcəkdir. Əgər bu layihəni qəbul edəriksə, qoşulduğumuz konvensiyaların milli qanunvericiliyə tətbiqi məsələsini həll etmiş olarıq. Qeyd edim ki, bununla da QREQO qarşısında olan öhdəliklərimizin də bir hissəsini yerinə yetirərik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə çox fundamental bir dəyişiklik edilir. Mən deyərdim ki, müstəqillik illərində hüquqi tutum, hüquqi çəki baxımından Cinayət Məcəlləsinə belə bir dəyişiklik edilməmişdi.
Söhbət hüquqi şəxslərin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunmasından gedir. Bəzən bunu çox primitiv şəkildə düşünsək belə, hüquqi şəxslərin cinayət-hüquqi münasibətlərinin subyektləşdirilməsi kimi anlamına gəlməməlidir. Bu məsələyə ənənəvi sovet cinayət hüququ düşüncəsi ilə yanaşsaq, onda deyə bilərik ki, hüquqi şəxs cinayət törədə bilmir, cansız bir şeydir. Çünki hər bir halda cinayət hüququnun subyekti fiziki şəxs olaraq qalır. Amma söhbət ondan gedir ki, fiziki şəxs bu cinayəti törədəndə hüquqi şəxsin hüquqi imkanlarından, onun rekvizitlərindən, maliyyə imkanlarından istifadə edir. Həmin hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması bugünkü qanunvericiliyə görə istisna edilirdi. Bu dəyişiklikdən sonra hüquqi şəxslərin də barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi düzgün olardı.
Cinayət hüququnun ümumi prinsiplərinə görə hər bir halda cinayətin alət və vasitələri müsadirə olunur. Belə bir halda hüquqi şəxs cinayətin törədilməsinin birbaşa aləti olur, amma əslində, bugünkü qanunvericiliklə cinayətin aləti olan hüquqi şəxs barəsində heç bir tədbir görülmürdü. Bu dəyişiklikdən sonra belə bir tədbirin görülməsi, mən düşünürəm, tamamilə haqlıdır. Bu, Azərbaycanın qanunvericiliyi üçün yeni bir hal deyildir. Onsuz da İnzibati Xətalar Məcəlləsində təkcə fiziki, vəzifəli şəxslər üçün deyil, eyni zamanda, hüquqi şəxslər üçün də cərimə tədbirləri müəyyən olunmuşdur. Yəni belə bir müddəanın, dəyişikliyin cinayət qanunvericiliyinə gətirilməsi yeni hal deyil.
Bu gün bütün dünyada beynəlxalq cinayətkarlıqdan tutmuş çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, maliyyə fırıldaqları, törədilən iqtisadi cinayətlər bu və ya digər hüquqi şəxsin hüquqi formasından və onun maliyyə imkanlarından istifadə etməklə törədilir. Bu baxımdan hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının Azərbaycanın cinayət qanunvericiliyinə gətirilməsi, düşünürəm, tamamilə yerindədir, haqlıdır.
Yerdə qalan məsələlər hörmətli Əli müəllimin təqdimatında geniş şərh edildi. Bundan başqa, mən bu layihədə bir məqamın üzərində nəzərimi xüsusi cəmləmək istəyirəm. Söhbət 99-3.2-ci maddədən gedir. Çox demokratik bir müddəadır. Əgər cinayət törətmiş şəxsin vurulmuş ziyanı ödəmək üçün digər əmlakı olmasa, dövlətin nəfinə müsadirə edilmiş əmlak hesabına əvvəlcə vətəndaşa vurulmuş ziyan ödənilir. Yerdə qalan əmlak isə dövlətin nəfinə müsadirə olunur. Mən düşünürəm ki, insan hüquqlarının qorunması baxımından çox mühüm bir müddəa bugünkü dəyişikliklə bir yerdə cinayət qanunvericiliyinə gətirilib. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər və yeniliklərdən biri, demək olar ki, ən əsası layihənin 15-2-ci fəslidir. Bu fəsil də “Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər” adlansa da, mahiyyət etibarilə hüquqi şəxslərin cinayət subyekti hesab edilməsindən bəhs edir. Belə bir deyim var: “hər bir yenilik yaxşı unudulmuş köhnəlikdir”. Bu baxımdan hüquqi şəxslərin cinayətin subyekti sayılmasını yenilik kimi qəbul etmək düzgün olmazdı. Belə ki, hələ orta əsrlərdə nəinki insanlar, habelə heyvanlar, cansız əşyalar, şəhərlər, icmalar da cinayətin subyekti hesab edilirdi.
Rusiyada 1593-cü ildə kilsə zəngi dövləti cinayətdə ittiham edilərək Sibirə sürgün edilmişdi. Şəhərlərin sakinlərindən və ya icma üzvlərindən hər hansı birinin cinayət törətməsi həmin şəhər və ya icmanı cinayətin subyektinə çevirirdi. Bu həmin dövrün həm qanunvericiliyində var idi, həm də hüquq ədəbiyyatında. Fransanın 1670-ci il tarixli ordonansında, Bavariyanın 1813-cü il tarixli “уложение”sində belə müddəalar var idi. Çar Rusiyasının 1845-ci il tarixli “уложение”sinə əsasən əgər yəhudi icması əsgərlikdən qaçmış bir yəhudini gizlədərdisə, bütün icma cinayətin subyekti kimi cəzalandırılırdı. Çünki bu zaman cinayət məsuliyyəti əsasında şəxsin öz cinayət əməlinə psixoloji münasibəti deyil, obyektiv aləmdə baş vermiş dəyişikliklər əsas götürülürdü.
Hakimiyyətə gələn burjuaziya nəinki heyvanların və əşyaların, habelə hüquqi şəxslərin cinayətin subyekti olmasını rədd etdi. Çünki bu dövrdə yeni prinsiplər, yəni təqsirə görə məsuliyyət, məsuliyyətin fərdilik prinsipləri cinayət məsuliyyətinin əsas tərkibi hesab edilirdi. Bu da düzgün idi. Başqa sözlə, cinayət məsuliyyəti şəxsin təqsirkarlığını tələb edirdi. Bu, qəsd də ola bilər, ehtiyatsızlıq da. Təqsir də real iradənin, fəaliyyət qabiliyyətinin olmasını, törədilən cinayət əməlinin ictimai təhlükəliyini, onun zərərinin nəticələrini dərketmə qabiliyyətini tələb edir. Bu isə şübhəsiz ki, hüquqi şəxslərdə yoxdur. Hüquqi şəxslər öz nümayəndələri vasitəsilə hüquq münasibətlərində iştirak edirlər. Ona görə də hüquqi şəxslər cinayət əməlinin törədilməsində təqsirli sayıla və cinayət əməlinə görə cinayət hüququ qaydasından cavab verə bilməzlər.
Daha sonra, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.2-ci maddəsi var. Həmin maddəyə əsasən təqsirlənən şəxsin törətdiyi əməldə cinayət tərkibi olması müəyyən edilməlidir. Yəni cinayətin obyekti obyektiv tərəfə, subyekti subyektiv tərəfə araşdırılmalıdır. Belə olan halda sual yaranır: hüquqi şəxslərin törətdikləri əməllərdə cinayətin subyektiv tərəfi nədən ibarətdir? Əlbəttə, bu suala heç kim cavab verə bilməz.
Digər tərəfdən, hüquqi şəxslərin cinayətin subyekti hesab edilməsi cinayət məsuliyyətinin, həcminin şərtlərinin araşdırılmasında son dərəcədə özbaşınalıq və qeyri-müəyyənliyə aparıb çıxarır. Düzdür, layihənin 99-4.5-ci maddəsində nəzərdə tutulur ki, dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Belə çıxır ki, bu tədbirlər təhsil müəssisələrinə, məscidlərə, kilsələrə, şikəstlərə, əlillərə, əldən düşmüş qocaları saxlayan xeyriyyə müəssisələrinə və sairə tətbiq olunacaq? Bu isə absurddur.
Layihənin 99-4.6-cı maddəsində isə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər adam oğurluğuna, yalançı sahibkarlığa, bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı almağa və satmağa, terrorçuluğa, kompüter informasiyasına qanunsuz olaraq daxil olmağa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, rüşvət alma, rüşvət verməyə, vəzifə saxtakarlığına, cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yaymağa görə tətbiq olunur. Lakin heç cür başa düşülmür ki, nə üçün ağırlaşdırıcı hallarda, yalançı sahibkarlığa, terrorçuluğa, rüşvət verməyə görə cinayətdə iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatı yaymağa görə tətbiq olunmur?
Layihənin 99-5-ci maddəsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri nəzərdə tutulmuşdur. Bunlar cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya hüquqi şəxsi ləğv etməkdir. Əvvəla, qeyd etmək lazımdır ki, dövlət hər hansı bir hüquqi şəxsi ləğv edə bilər. Bu halda müasir qaydalar var. Lakin bu ləğvetməni cəza ilə eyniləşdirmək olmaz. Cərimənin vurulmuş ziyana görə deyil, cəza kimi tətbiq edilməsi də başa düşülən deyil. Məsələn, xeyriyyə cəmiyyətlərinə qarşı tətbiq edilən cərimə cəzasını necə başa düşmək olar? Axı, dövlət özü onların fəaliyyətinə şərait yaradır və yaratmalıdır. Nəhayət, onu da qeyd etmək lazımdır ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər tətbiq edilməsinə heç bir ehtiyac yoxdur. Bütün bu məsələləri cinayət hüququnda nizama salan iştirakçı institut var. Bütün bu məsələlər institutda nizama salınır. Mənə elə gəlir ki, bu qanun layihəsinin qəbulu qarmaqarışıqdan başqa heç bir şey yaratmayacaq. Sağ olun.
Sədrlik edən. İlyas müəllim, sağ olun. Amma mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Yəqin ki, Əli müəllim qaldırdığınız məsələlərə cavab verəcək. Amma söhbət burada bütün hallardan getmir. Söhbət yalnız terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan əmlakdan gedir. Yəni bütün növ cinayətlərə tətbiq olunmayacaq. Biz elə istənilən hüquqi şəxsi cinayət məsuliyyətinə cəlb edək? Söhbət elə hüquqi şəxslərdən gedir ki, onların fəaliyyətində terrorçuluğun, mütəşəkkil cinayətkarlığın maliyyələşdirilməsi faktları aşkar edilir. Yalnız bu hallarda nəzərdə tutulur. Əlbəttə, Siz deyənlə razıyam. Bütün hallarda bunu tətbiq etmək olmaz.
Siz xeyriyyə təşkilatları haqqında dediniz. Əlbəttə, bu tədbirlər xeyriyyə təşkilatına tətbiq oluna bilməz. Amma həqiqətən, müəyyən olunsa ki, xeyriyyə təşkilatı xeyriyyə fəaliyyəti adı altında terrorçuluğa əmlak qoyur, onu vəsaitlə təmin edirsə, bunlar araşdırılmalıdır. Söhbət dövlətin təhlükəsizliyindən gedir. Yəni bu bizim üçün yeni deyil. Dünya təcrübəsi var, biz də bundan istifadə edirik. Gələcəkdə bu siyahı genişləndirilə də bilər. Siz düz deyirsiniz, mən razıyam ki, gərək bu, təcrübədən keçirilsin, İlyas müəllim. Bizə təqdim olunan layihə bizim beynəlxalq öhdəliyimizlə bağlıdır. Özünü praktikada necə doğruldacaq? Mən də bilirəm, doğrultmalıdır. Söhbət, yenə deyirəm, birbaşa dövlətin təhlükəsizliyindən gedir. Qalan məsələlərdə biz, əlbəttə, hesab edirəm ki, buna tərəfdar olmamalıyıq. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu məsələ ilə bağlı Siz çox geniş açıqlama verdiniz. Mən də qeyd etmək istərdim ki, bəli, bu sahə ilə bağlı belə bir qanun vacibdir, zəruridir. Yəni hər hansı bir təşkilat terrorçuluğu maliyyələşdirmək, terrorçuluğa dəstək vermək və ya silahlı dəstələrin yaradılmasına xidmət etmək məqsədi ilə yaradılıbsa, həmin təşkilat bu sferaya düşür. Yaxud da yaradılandan sonra bu məqsədə xidmət edirsə, yenə həmin qayda ona şamil edilə bilər. Elə xeyriyyə cəmiyyətləri var ki, xeyirdən daha çox ziyan vurmaqla, məhz terrorçuluğa dəstək verməklə, silahlı dəstələr yaratmaqla məşğuldur.
Hamının yadındadır, Azərbaycanda bir “Nicat” xeyriyyə cəmiyyəti var idi. “Nicat” xeyriyyə cəmiyyətinə pul yığırdılar. Nəticəsi nə oldu? Azərbaycanda dövlət çevrilişini həyata keçirmək istədilər. Belə bir təşkilatın qalması vacibdirmi? Təbii, kimə isə, əlilə, şəhid ailəsinə yardım etmirdilər. Varlı adamlardan pulları toplayıb dövlət çevrilişinə cəhd göstərdilər. Belə hallar çoxdur.
Ayrı-ayrı dövlətlər var ki, bu gün Azərbaycanda xeyriyyə-imdad təşkilatı yaradırlar. Bu təşkilatın məqsədi hansısa kasıba, kimsəsizə kömək, imdad göstərmək deyil. Həmin insanların təsir dairəsinə salınması və onlara bu və ya digər tapşırıqların verilməsi, dövlətçilik əleyhinə terrorla məşğul olan silahlı dəstələrin yaradılması və sair məqsədlər güdülür. Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi, ayrı-ayrı strukturlar tərəfindən işlər aparılır. Biz qanunvericilikdə belə dəyişikliklər aparmaqla hüquqi şəxsləri də məsuliyyətə cəlb edəcəyik. Amma bununla bağlı həmin hüquqi şəxsin ləğv edilməsi, ümumiyyətlə, onun Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan çıxarılması məsələsi ciddi məsələdir. Mən həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç. Qənizadə. Təşəkkür edirəm. Qeyd edim ki, cəmiyyət inkişaf edir və biz yüz il əvvəl qəbul olunan müəyyən qanunların ətrafında dövr eləyə bilmərik. Düzdür, biz Roma hüququna, hüququn digər mənbələrinə istinad edirik, amma cəmiyyətdə tətbiq edilən qanunların dairəsi, subyekti, subyektiv cəhəti, obyektiv cəhəti də daim dəyişir. Bu baxımdan hörmətli İlyas müəllim vaxtilə digər dövlətlərdə tətbiq olunan qanunlar haqqında qeyd etdi. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, beynəlxalq öhdəliyə uyğun olaraq Cinayət Məcəlləsində dəyişiklikləri müzakirə edirik. Həmin dövlətlər artıq beynəlxalq sazişin subyektlərindəndir. Yəni onlar da tarixlərinə baxaraq bu gün irəliyə doğru addım atmışlar.
Azərbaycan terrorçuluğa və digər cinayətkar birliklərin həyata keçirdikləri ümumbəşəri cinayətlərlə birgə mübarizəyə qoşulan dövlətlərdən biridir. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə həm beynəlxalq öhdəliyimizə, həm də ölkəmizin milli maraqlarına xidmət edir.
Bu gün müzakirə olunan fəsildə mən bir neçə məqamı qeyd etmək istərdim. Burada müsadirənin bütün növlərindən deyil, Ziyafət müəllim, Siz də qeyd etdiniz, söhbət yalnız xüsusi müsadirədən gedir. Hansı hallarda belə müsadirə olduğunu bir daha qeyd etmək istəyirəm ki, həmkarlarım hansı məsələlərdə xüsusi müsadirələri tətbiq edəcəyimizi bilsinlər.
99-1.1-ci və 99-1.1.4-cü maddələrdə açıq-aydın göstərilir ki, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlaka xüsusi müsadirə tətbiq olunur. Burada bir məqamı da qeyd edim. Bu qanunun qəbulu ilə bağlı qanunvericilik təşəbbüsü subyekti vətəndaşların hüquqlarının qorunmasını da diqqətdən yayındırmamışdır. Yəni üçüncü şəxs tərəfindən əldə olunan əmlak sonradan cinayət yolu ilə əldə olunmuş əmlak olaraq özgəninkiləşdirilirsə və vətəndaş bunu bilmədən əldə eləyibsə, dövlət burada üçüncü şəxsin maraqlarını qoruyur. Əmlakın geri alınması məsələsini həmin üçüncü şəxsin xeyrinə həll etməklə, hesab edirəm ki, insanların mülkiyyət hüququna hörmət göstərmiş olur.
Digər bir məsələni 15-2-ci fəsillə bağlı qeyd etmək istəyirəm. Lazım gəlsə, xeyriyyə cəmiyyətlərini cinayətin subyekti kimi cəzalandırmaq olar. Məsələn, Rusiyada İslam adı altında müəyyən xeyriyyə təşkilatları sonradan məlum oldu ki, terrorçuluğu maliyyələşdirirlər və ölkədə müəyyən terror aksiyalarını həyata keçirməklə məşğul olurlar. Rusiya qanunlarına görə həmin təşkilatlar ləğv edildi. Burada hüquqi şəxslərin təqibi dedikdə, məsuliyyəti qabaqcadan hüquqi şəxslərin öz üzərinə qoyuruq. Layihənin 99-4.1-ci maddəsində qeyd olunur ki, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Əgər hüquqi şəxs səlahiyyətə malikolma hüququnu kimə isə veribsə, həmin şəxs də cinayətin subyekti olacaqsa, hüquqi şəxsi məsuliyyətə cəlb etməkdən söhbət gedə bilər.
Qanun layihəsində hüquqi tədbirlərin növləri kimi cərimə, xüsusi müsadirə və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, hüquqi şəxsi ləğv etmə qeyd olunur. Amma 99-5.3-cü maddədə göstərilir ki, bu cəzaların tətbiqi zamanı cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətin sayı və onun nəticələrinin ağırlığı və sair nəzərə alınmaqla bundan sonra qeyd olunan cərimələr və digər hallar tətbiq edilir. Bu baxımdan hesab edirəm ki, həm ölkənin milli maraqlarına xidmət, həm də bizim beynəlxalq təşkilatlar tərəfindən üzərimizə götürdüyümüz öhdəliyə hörmət etmiş olacağıq. Amma gələcəkdə bu qanunun tətbiqi zamanı cinayət təqibini həyata keçirən orqanlar ehtiyatlı olmalı və bunu qanuni əsaslarla həyata keçirməlidirlər ki, sui-istifadə hallarına yol verilməsin, digər hüquqi və fiziki şəxslərin hüquqları da pozulmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə. Hüseynli. Ziyafət müəllim, mən, sadəcə olaraq, şəxsən Sizə, Siyavuş müəllimə və digər peşəkar hüquqşünas həmkarlarıma qanun layihəsinin düzgün izahına görə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Qanun layihəsi, hesab edirəm ki, dəyərli bir qanun layihəsidir. Onu da nəzərə alaq ki, müəyyən mənada bizim öhdəliyimizlə bağlıdır. Əlbəttə, bu qanun cinayət hüququnun konsepsiyasında böyük bir dəyişiklik yaradacaq. Bunu etmək lazımdır.
Mən müəyyən mənada bu fikirlə razıyam ki, dövr, zaman dəyişir, hər şey inkişafdadır. Dünənə qədər biz yalnız fiziki şəxslərdən danışırdıq, amma hüquqi şəxslərin də cinayət məsuliyyətindən söhbət gedəcək. Başa düşürəm ki, artıq cinayət hüququnun konsepsiyasının yenidən işlənib hazırlanması ilə bağlı yeni biliklər lazım olacaq. Əlbəttə, dövr inkişaf edir, hamımız öyrənməliyik, oxumalıyıq. Sözsüz ki, hüquq fakültələrində, institutlarında bunu tədris etməliyik ki, hüquqşünaslarımız, insanlarımız hüquqi şəxsin məsuliyyətinin nə demək olduğunu, beynəlxalq hüquqi anlamını bilsinlər. Ümumiyyətlə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsi Anqlosakson hüquq sistemindən gəlmə məsələdir. Amma bunu artıq qitə hüquq sistemi də, Roma-german hüquq sistemi də əxz eləyib. Biz də bu qitə sisteminə mənsub olan dövlətik və biz bununla razılaşmalıyıq, barışmalıyıq. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Valeh müəllim bir-iki kəlmə demək istəyir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Mən çox üzr istəyirəm, ancaq Azərbaycan Respublikasında bu məsələlər 17 ildir ki, öz həllini tapıb. Burada qəbul etdiyiniz 30-dan artıq neft sazişində, Bakı–Tbilisi–Ceyhan müqaviləsində hüquqi şəxslərin məsuliyyəti, hüquqi şəxslərin məsuliyyətə cəlb olunması və sair məsələlər öz əksini tapıb. Fikrimcə, bu gün qəbul etdiyimiz qanun layihəsi, əlbəttə, lazımdır. Bu gün etdiyimiz dəyişikliklər lazımdır, amma bunu hüquqi şəxslərə daha geniş şəkildə aid etmək daha düzgün olardı. Əlbəttə, səs verməliyik, ancaq bu, təzə məsələ deyil. Azərbaycanda 17 ildir tətbiq olunan bir məsələdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 17.11 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 1  
İştirak edir  91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli xanımlar, sizin simanızda bir daha bütün Azərbaycan xanımlarını, qadınlarını təbrik edirəm, hamınıza can sağlığı və səadət arzulayıram!

 

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ


7 mart 2012-ci il
————
İlyas İsmayılov. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsi Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən, “İllik məruzəsində insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir”. Təəssüf ki, göstərilənlər müvəkkilin illik məruzələrində tam mənası ilə öz əksini tapmır. Ötən illərdəki məruzələrlə bu məruzə arasında çox az fərq var. Əvvəllər tərəfimizdən verilmiş təkliflərin çox az hissəsi nəzərə alınmışdır, digər məsələlər isə olduğu kimi qalmaqdadır.
Müvəkkil öz məruzələrində mahiyyət baxımından daha ciddi, məsuliyyət doğuran məsələlərə çox səthi toxunur, bəzən həmin məsələnin adını çəkməklə kifayətlənir. Məsələn, azadlıq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, mülkiyyət hüququ, müraciət etmək hüququ, fikir azadlığı və sair kimi məsələlər məruzənin ana xətti olmalı və özündə konkret təklifləri ehtiva etməlidir.
Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində azadlıq və şəxsi toxunulmazlıq hüququ aşağıdakı formada ifadə olunmuşdur:
“– Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.”
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II bəndlərində azadlıq hüququ belə ifadə olunmuşdur:
“I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.”
Müvəkkilin məruzəsində isə azadlıq hüququ dedikdə sanki şəxsiyyət vəsiqələrinin verilməsi başa düşülməlidir. Demək olar ki, azadlıq hüququ adı altında yalnız şəxsiyyət vəsiqələrinin verilməsindən bəhs olunur. Yaxşı olardı ki, müvəkkil burada qanuni prosedura uyğun olmadan azadlıqdan məhrum edilmiş şəxslərdən və onların sonrakı taleyindən, qanunsuz həbslərin qarşısının alınması ilə bağlı verdiyi təkliflərdən, qanunsuz həbsi həyata keçirən şəxslərin cəzalandırılmasından və nəhayət, əldə olunmuş nəticələrdən bəhs etsin. Axı hazırda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı o qədər də ciddi problem yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ aşağıdakı formada ifadə olunur:
“I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.”
Məlumdur ki, demokratik cəmiyyətdə insan ali varlıq kimi dərk edilməli və hər şeydən öndə olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi hüququ da insan hüquqlarının tərkib hissəsi kimi çıxış etdiyindən buna daha da ciddi yanaşmaq tələb olunur. Müvəkkilin məruzəsində bu ciddi yanaşmanı görə bilmədim. Məruzədə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin qarşısının alınması ilə bağlı 1-2 cümləyə rast gəldim. Eyni zamanda, 8-ci səhifənin 7-ci abzasında milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılmasından bəhs olunur və təklif verilir. Sual yaranır ki, il ərzində müvəkkilə şərəf və ləyaqətin müdafiə olunması ilə bağlı hər hansı müraciət daxil olmayıb? “916” qaynar xəttə və ya ünvana yazılı şəkildə nə qədər müraciət edilib, əgər edilibsə, bunun neçə faiz olduğu və konkret nəticə məruzədə əksini tapmalı idi. Təəssüf ki, məruzədə bunlara rast gəlinmir.
Daha sonra məruzədə müvəkkilin keçirdiyi “dəyirmi masa”lar və təlimlərdən də bəhs olunur. Bunları müsbət qiymətləndirmək olar, lakin qeyd etməliyik ki, müvəkkil qeyri-hökumət təşkilatı deyil ki, vəzifələrinin əsasında təlim, “dəyirmi masa”ların və seminarların təşkili dayansın. Onun vəzifəsinin əsasında insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərlə bağlı tədbirlərin görülməsi kimi məsələlər dayanmalıdır.
Çox yaxşı olardı ki, Müvəkkil fəaliyyəti prosesində iki məsələyə də diqqət yetirsin:
Birincisi, məhkumların reabilitasiyasına. Müşahidələrimizə əsasən, məhkumluğu ödənilmiş şəxslər sonradan cəmiyyətə uyğunlaşmaq istəsələr də çox çətinlik çəkirlər, onların işlə təmin olunmasında, müxtəlif proseslərə qatılmalarında maneələr yaradılır, təbii ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnir.
İkincisi, bölgələrə, kəndlərə marağı artırmaq lazımdır. Treninq və seminarlara daha çox bölgələrdə yaşayan insanların ehtiyacı var. Daha çox hüquqları pozulan da onlardır. Bu baxımdan bölgələrə diqqətin ayrılmasını çox vacib hesab edirəm. Məruzədə elə fikirlər yer alıb ki, bunun Müvəkkillə bağlılığının olub-olmamasını ayırd etmək mümkün deyil. Məsələn, 19-cu səhifənin 2-ci abzasında qeyd olunur:
“2011-ci ildə Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə vətəndaşların hüquqlarının pozulması hallarına yol verdiklərinə görə 15 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir”. Bu fakt Baş Prokurorluq tərəfindən aşkarlanıbsa, Müvəkkilin məruzəsində niyə göstərilib? Əksinə, bu məsələ Müvəkkil tərəfindən Baş Prokurorluq qarşısında qaldırılıbsa, o zaman aydın izah olunmalı idi. Qeyd edim ki, məruzədə belə hallara çox rast gəlmək olar.
Həmişə olduğu kimi yenə də qeyd etmək istəyirəm ki, insan hüquqlarına kollektivin, toplunun hüquqları kimi yanaşmaq düzgün deyil. Nədənsə hər məruzədə insan hüquqları kollektivin hüquqları kimi göstərilir. İnsan hüquqları fərdi xarakter daşıyır və bu hüquqlar konkret olaraq hər bir fərdə şamil edilir. “İnsan hüquqları haqqında” 1948-ci il Bəyannaməsinin 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Paktının 16-cı maddəsində də göstərilir ki, hər bir insan harada olursa-olsun hüquq subyekti kimi qəbul olunmaq (tanınmaq) hüququna malikdir. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Paktının 22-ci maddəsində də göstərilir ki, hər bir insanın, cəmiyyətin bir üzvü kimi... ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququna malikdir. Bu maddələrdə göstərilən “hər bir insanın” sözləri də təsdiq edir ki, insan hüquqları ayrı-ayrılıqda hər bir insana, fərdə aiddir. Lakin məruzədə bunlar nəzərə alınmamış, yenə də “uşaq hüquqlarının müdafiəsi”, “hərbi qulluqçularının müdafiəsi”, “qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi”, “məhbusların hüquqlarının müdafiəsi” və sair kimi yarımbaşlıqlar göstərilmişdir.
Cavanşir Feyziyev. Hörmətli ombudsman öz məruzəsində keçən il ərzində müxtəlif istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, mülki və siyasi, iqtisadi və sosial hüquqların müdafiəsi, elmi-analitik işin təşkili, həmçinin beynəlxalq əlaqələr sahəsində xeyli zəruri işlər görülmüşdür. 2011-ci ildə insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin hər biri öz təyinatına görə xüsusi əhəmiyyət kəsb edir.
Məruzədə göstərildiyi kimi, 2011-ci ildə ombudsmanın ünvanına daxil olan müraciətlərin sayı əvvəlki ilə nisbətən 9 faiz artmışdır. Müraciətlərin sayının artması düşünürəm ki, ilk növbədə regional mərkəzlərin səmərəli fəaliyyəti, əhali arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsi, eləcə də yerlərdə çoxsaylı görüş və qəbulların keçirilməsi, ictimai dinləmələrin təşkil edilməsi ilə bağlı olmuşdur. Azadlıqdan məhrumetmə yerlərinə, hərbi hissələrə, məcburi köçkünlərin yaşadıqları qəsəbələrə, sosial müdafiə, səhiyyə və təhsil müəssisələrinə çoxsaylı baxışların keçirilməsi və “qaynar xətt”in daim fəaliyyət göstərməsi kimi tədbirlər də müsbət ictimai rəyin yaranmasına və ombudsman təsisatına olan inamın artmasına imkan yaratmışdır.
2011-ci ildə Şəki şəhərinə səfəri zamanı hörmətli ombudsman bütöv bir iş gününü Şəki rayonlararası psixiatriya xəstəxanasında vəziyyətin öyrənilməsinə, respublikanın baş psixiatrı cənab Gəraybəylinin iştirakı ilə mövcud vəziyyətin təhlilinə və görülməli işlərin müəyyənləşdirilməsinə sərf etmişdi. Nəticədə vəziyyətin kökündən dəyişdirilməsinə, bu müəssisədə çalışan mütəxəssislərin və xüsusilə də müalicə alan xəstələrin hüquqlarının qorunmasına yönəlmiş zəruri tədbirlərin görülməsi üçün ombudsman tərəfindən müvafiq qurumlar qarşısında bir sıra məsələlər qaldırılmışdı.
Fürsətdən istifadə edərək hörmətli Elmira xanıma bu müəssisədə çalışan insanların təşəkkürünü çatdırmaqla bərabər qeyd etmək istəyirəm ki, elə bizə təqdim olunmuş icmalın 53-cü səhifəsində də ruhi xəstəlikdən əziyyət çəkən xəstələrin saxlanma şəraiti, qidalanma və müalicələrinin vəziyyətinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı bir sıra təkliflər öz əksini tapmışdır. Hüquqlarının müdafiəsinə xüsusilə ehtiyac hiss olunan bir təbəqəyə ombudsman institutu tərəfindən göstərilən bu münasibəti cəmiyyətdə humanizm dəyərlərinin gücləndirilməsi baxımından təqdirəlayiq hesab edir və tezliklə bu təkliflərin reallaşdırılmasını arzulayırıq.
İllik məruzədə görülən işlərlə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair çoxsaylı təkliflər də öz əksini tapmışdır. Məruzədə irəli sürülən azadlıq hüququ, mülkiyyət hüququ, şərəf və ləyaqətin qorunması, sosial-iqtisadi xarakterli hüquqlarla, alternativ cəza növlərinin tətbiqi, əhalinin aztəminatlı təbəqəsinin təminatının yaxşılaşdırılması istiqamətində irəli sürülən, eləcə də səhiyyə sahəsi ilə bağlı təklifləri xüsusilə qeyd etmək istərdim.
Məruzədə həmçinin hüquqşünasların, o cümlədən Milli Məclisin hüquqşünaslarının iştirakı ilə maraqlı diskussiya obyekti ola biləcək təkliflər də vardır. Məsələn, məruzənin 52-ci səhifəsində yer almış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448-ci maddəsinin 5-ci bəndinin Konstitusiyanın 127-ci maddəsinin müddəalarına zidd olması barədə təklif xüsusilə maraq doğurur. Həmin maddənin 5-ci bəndində göstərilir ki, “həbs qismində qəti imkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustağı və ya həbsdə saxlanılması barədə müddəa əlavə edir.”
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində öz əksini tapmış hakimlərin müstəqilliyi, ədalət mühakiməsi, hakimlərin işlərə qərəzsiz, ədalətlə baxmaları, təqsirsizlik prezumpsiyasına əsaslanması və sair bu kimi müddəalar doğrudan da Cinayət-Prosessual Məcəllənin 448-ci maddəsinin 5-ci bəndini şübhə altına alır. İnsan hüquqlarının qorunması baxımından bu ziddiyyətin aradan qaldırılması kifayət qədər aktual görünür və müzakirələrdə həmin məsələyə hüquqşünaslar tərəfindən aydınlıq gətirilməsi də faydalı olardı.
Düşünürəm ki, ombudsmanın təkliflərinin böyük əksəriyyəti təxirə salınmadan qəbul edilməli və icra olunmalı təkliflərdir. Elmira xanımın bugünkü təqdimatı bir daha göstərdi ki, ombudsman təsisatı bir institut kimi artıq formalaşmış, dövlətin və cəmiyyətin qarşısında duran hədəflərə nail olunması işinə öz töhfələrini verən, habelə insanların etimadını qazanan bir təsisata, vacib bir ictimai tribunaya çevrilməkdədir.
Bütün bunlara əsaslanaraq biz Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan hüquqları üzrə müvəkkilin 2011-ci il üçün illik məruzəsini və ombudsmanın fəaliyyətini qənaətbəxş hesab edə bilərik. Mən bu sənədin lehinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU