16.03.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  36

Mill Məclisin  iclas  salonu.
16  mart  2012-c il.


İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 107
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Arif Məmmədov, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi.
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
İskəndər Çəndirli, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Kamran İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.
Elmar Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.
Həsən Hacıyev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Artur Rasizadə, Fazil Mustafa, Musa Quliyev, Musa Qasımlı, İlyas İsmayılov, Əli Əhmədov, Elton Məmmədov, Gülər Əhmədova, Tahir Rzayev, Zahid Oruc, Mübariz Qurbanlı, Əli Məsimli, Jalə Əliyeva, Fərəc Quliyev, Fəzail Ağamalı, İqbal Ağazadə, Vahid Əhmədov, Azər Badamov, Valeh Ələsgərov, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Astan Şahverdiyev, Ziyad Səmədzadə, İlham Məmmədov, Bəxtiyar Əliyev, Aydın Mirzəzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.58 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

MİLLİ  MƏCLİSİN  İCLASI

16  mart  2012-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar! Hamınızı xoş görmüşük. Bizdə həmişə hökumətin hesabatı bayram ərəfəsinə düşür. Qarşıda bizim gözəl bayramımız, Novruz bayramı gəlir. Fürsətdən istifadə edərək, bu bayram münasibətilə sizi təbrik edir, hamınıza can sağlığı, uğurlar, xoşbəxtlik arzulayıram.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat   (saat 12.05 dəq.)
İştirak edir   107
Yetərsay    83

Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik hamınıza məlumdur, hökumətin hesabatıdır. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.06 dəq.)
Lehinə   106
Əleyhinə   0
Bitərəf    0
Səs vermədi   0
İştirak edir   106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, yaz sessiyasının 5-ci iclasında həmişə Nazirlər Kabineti özünün illik fəaliyyəti haqqında hesabat verir. Mən xüsusilə qeyd eləmək istəyirəm ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi bugünkü hesabat öz məzmunu və strukturuna görə əvvəlkilərdən müsbət mənada fərqlənir. Yüksək səviyyədə təkmilləşdirilmiş bu hesabatda iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyllər cədvəl və diaqramlarla çox gözəl təsvir olunmuşdur. Müzakirənizə təqdim olunmuş hesabatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilmişdir.
2011-ci ildə Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın davam etdiyi şəraitdə belə dayanıqlığını qoruyub saxlamış, müəyyən artım əldə etmişdir. Burada ən önəmli cəhət iqtisadiyyatın daha da şaxələnməsi və qeyri-neft sektorunda yüksək – 9,4 faiz artımın əldə edilməsidir.
2011-ci ildə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsulun həcminin 80 faizindən çoxu ölkəmizin payına düşür. İndi Azərbaycanda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüşdür.
Beynəlxalq maliyyə qurumları və reytinq təşkilatları son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişiklikləri yüksək qiymətləndirir, Azərbaycanı investisiya qoyuluşları üçün cəlbedici ölkə kimi dəyərləndirir və öz hesabatlarında bunu qeyd edirlər.
Azərbaycan hökuməti neft gəlirlərini qeyr-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastrukturu, xüsusilə də nəqliyyat sektorunu uğurla inkişaf etdirir. Qeyri-neft sektorunda inkişafı təmin edən əsas amil dövlət başçısının müəyyən etdiyi sənayeləşdirmə siyasətidir. Bu siyasətin həyata keçirilməsi regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, minlərlə iş yerinin açılması ilə nəticələnir. Qeyri-neft sektorunda son 8 ildə istifadəyə verilmiş obyektlərin 2 mininin məhz istehsal təyinatlı olması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmini artırmışdır. Hesabat ilində bütün maliyyə mənbələrindən iqtisadiyyata 21,7 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 15,7 milyard dollar investisiya yönəldilmişdir. Başqa sözlə, investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 72 faizə çatmışdır.
Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 36,3 milyard dollarlıq ticarət əməliyyatları aparmışdır. Bu, əvvəlki illə müqayisədə 8,4 milyard dollar artım deməkdir. 2010-cu ildə ixracatın 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşdüyü halda, 2011-ci ildə bu göstərici artıq 60 faizə yaxınlaşmışdır.
Aparılan məqsədyönlü işlər nəticəsində əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin artmasında təzahür etmişdir. Belə ki, 2010-cu illə müqayisədə əhalinin gəlirləri 20 faizə yaxın artaraq 36,6 milyard manata çatmış, yoxsulluğun səviyyəsi 9,1 faizdən 7,6 faizə düşmüşdür.
Ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq, hesabat dövründə Azərbaycan hökuməti müdafiə məsələlərini daim diqqət mərkəzində saxlamış və zəruri tədbirlər həyata keçirmişdir. Bu məqsədlə müvafiq proqram çərçivəsində müdafiə sənayesi müəssisələrində texnolojı avadanlıq parkı yeniləşdirilmiş, yenidənqurma işləri aparılmış, müdafiə təyinatlı müasir məmulatların istehsalı mənimsənilmişdir. Əvvəlki illə müqayisədə 2011-ci ildə müdafiə sənayesində güc strukturlarının sifarişi ilə 2 dəfədən çox müxtəlif təyinatlı məhsul istehsal edilmişdir. Ötən il bu sahədə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2010-cu illə müqayisədə 1,7 dəfə çox vəsait ayrılmış, 10 yeni istehsal sahəsi istifadəyə verilmişdir. 4 böyük obyektdə işlər cari ildə də davam etdiriləcəkdir.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hesab edirəm ki, Milli Məclis üzvləri Nazirlər Kabinetinin builki hesabatının müzakirəsində öz fəallığını göstərəcək, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair səmərəli təkliflər verəcəklər. İndi isə hesabat üçün Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verilir.
A.  Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ildə Nazirlər Kabinetinin qarşısında duran əsas vəzifələr kimi makroiqtisadi sabitliyin qorunmasını, qeyri-neft sektorunun sürətli inkişafını, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsini, silahlı qüvvələrin və hərbi sənaye kompleksinin gücləndirilməsini, insan kapitalının səviyyəsinin daim yüksəldilməsini müəyyən etmişdir.
Hökumət qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün sosial-iqtisadi tərəqqinin davamlılığını təmin edən kompleks tədbirlər həyata keçirmişdir. Nəticədə nəzərdə tutulan hədəflərə nail olunmuş və dövlət başçısının bilavasitə rəhbərliyi ilə başlanan iqtisadiyyatın modernləşdirilməsi kursu öz bəhrəsini vermişdir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm vermiş, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyümüş, keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Bu illərdə ümumi daxili məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,9 dəfə, bütövlükdə investisiyalar 5 dəfə, o cümlədən qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin real gəlirləri 2,6 dəfə artmış, bir milyondan artıq yeni iş yeri yaradılmış, xalqın həyat səviyyəsi yaxşılaşdırılmış, yoxsulluq 5,3 dəfə azaldılmışdır.
Qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə qazanılan nailiyyətləri yüksək qiymətləndirmişlər. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulamışlar. Həmin qurumların rəyinə əsasən, respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirmişdir. Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ölkədə aparılan şaxələndirmə siyasəti, istehsal və sosial infrastrukturun inkişafı sayəsində hesabat ilində qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunmuşdur.
Bütün maliyyə mənbələri hesabına 21,7 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirilmişdir. Onun 60 faizi daxili investisiyalar olmuşdur. Ümumi investisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Xarici ticarət dövriyyəsi 30 faiz çoxalaraq 36 milyard dollar təşkil etmişdir. Strateji valyuta ehtiyatları il ərzində artaraq 40 milyard dolları ötmüşdür.
Aparılan səmərəli maliyyə-pul və fiskal siyasəti nəticəsində makroiqtisadi tarazlıq təmin edilmiş, manatın məzənnəsi sabit qalmış, inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır ki, bu da əhalinin real gəlirlərinin artımına zəmin yaratmışdır.
Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin etmişdir.
Həyata keçirilən davamlı sosial siyasətin tərkib hissəsi olan pensiya təminatı sistemində aparılan islahatları xüsusi qeyd etmək istərdim. Həmin islahatlar 900 minə yaxın pensiyaçının pensiyasını orta hesabla 40 faiz artırmağa imkan vermişdir.
Elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya və başqa sahələrdə çalışanların vəzifə maaşlarının, şəhid ailələri və müharibə əlillərinin təqaüdlərinin, aztəminatlı şəxslərə ödənilən müavinətlərin artırılması bütövlükdə 1 milyon 800 min nəfərin sosial vəziyyətinin yaxşılaşdırılmasını mümkün etmişdir.
İl ərzində məcburi köçkün ailələri üçün yaşayış binaları, məktəblər, uşaq bağçaları, klublar tikilib istifadəyə verilmiş, onların sosial problemlərinin həllinə 399 milyon manat vəsait sərf edilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Aparılan kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” yataqlarında zəngin karbohidrogen ehtiyatları aşkarlanmışdır.
Əhalinin təbii qazla təchizatının yaxşılaşdırılmasına yönəldilmiş 300 milyon manatdan çox vəsait hesabına yeni qaz kəmərləri çəkilmiş, 120 yaşayış məntəqəsinin qazlaşdırılması 90 min yeni abonenti qazla təmin etməyə imkan vermişdir.
Kimya kompleksində istehsalın həcmi 20 faizdən çox, məhsul ixracı isə 1,5 dəfə artmışdır. Ölkədə ilk dəfə olaraq Sumqayıtda ən müasir texnologiyalar əsasında illik gücü 700 min ton olan azot gübrəsi zavodunun tikintisinə başlanılmışdır. Bu müəssisə kənd təsərrüfatının inkişafına əhəmiyyətli yardım etməklə bərabər ölkənin ixrac potensialını artıracaqdır.
Dövlət Neft Şirkəti xarici neft-qaz bazarlarına çıxaraq beynəlxalq fəaliyyətini genişləndirmiş, bir sıra ölkələrdə sərmayə qoyuluşu həyata keçirmişdir. Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün çox mühüm addımlar atılmışdır.
Hesabat ilində ümumi gücü 1270 meqavatdan artıq olan iki istilik və üç su-elektrik stansiyasının inşası davam etdirilmişdir. Yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, paylayıcı şəbəkənin yenidən qurulması istiqamətində irihəcmli işlər görülmüşdür.
Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi məqsədi ilə konkret pilot layihələri həyata keçirilmişdir. Qobustan rayonunda eksperimental poliqon və hibrid tipli elektrik stansiyası inşa edilmiş, müşahidə-nəzarət stansiyaları quraşdırılmış, təlim-tədris mərkəzi istifadəyə verilmişdir. Müxtəlif bölgələrdə 8 kiçik su-elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Sumqayıtda günəş panelləri istehsal edən müasir zavodun tikintisi tamamlanma mərhələsindədir.
Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaratmışdır.
Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunmuşdur.
Ötən il Gəncə alüminium zavodunun birinci mərhələsi, Sumqayıt texnologiyalar parkında və regionlarda çoxlu sayda yeni zavodlar, müxtəlif profilli emal müəssisələri işə salınmışdır. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına 33 istehsal, xidmət və emal müəssisəsi istifadəyə verilmişdir. Cari ildə isə istismara veriləcək oxşar müəssisələrin sayının 3 dəfə artacağı gözlənilir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində xüsusi yer tutmuş, əhalinin tələbatının yerli məhsul hesabına ödənilməsi ümdə vəzifələrdən biri olmuşdur.
Hesabat ilində kənd təsərrüfatında ümumi məhsul istehsalı 5,8 faiz yüksəlmiş, taxıl, ət, süd, meyvə-tərəvəz və bostan məhsullarının istehsalında yüksək göstəricilər əldə edilmişdir. Fermerlərə subsidiyalar ayrılmış, müxtəlif növ texnika ilə təchizat həyata keçirilmişdir. Əhalinin çörəklə və un məhsulları ilə etibarlı təminatı məqsədi ilə ölkədə 4 aylıq buğda ehtiyatı yaradılmışdır.
Meliorasiya və irriqasiya sistemlərində aparılan əsaslı tikinti işləri sayəsində 18,6 min hektar torpaq sahəsinin su təminatı və 19 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, min hektardan artıq yeni suvarılan torpaq sahələri istifadəyə verilmişdir.
2011-ci ildə nəqliyyat sektoruna da böyük sərmayələr qoyulmuş və onun inkişafı təmin edilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin, “Şimal-Cənub” və “Şərq-Qərb” bey-nəlxalq dəhlizlərinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, müasir gəmiqayırma zavodunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi davam etdirilmişdir. Regionlarda beynəlxalq hava limanları istismara verilmiş, mülki aviasiyanın, gəmiçiliyin və avtomobil yollarının nəqliyyat parkı xeyli genişləndirilmişdir. Bütün bu nəhəng infrastruktur layihələrinin reallaşdırılması, heç şübhəsiz, Azərbaycanı tezliklə regionun beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevirəcəkdir.
Ölkənin inkişafında prioritet istiqamətlərdən olan informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiyaların ümumi məbləği 415 milyon manat təşkil etmişdir.
“Elektron Azərbaycan” və “Elektron hökumət” proqramlarının icrası uğurla davam etdirilmiş, elektron imzanın tətbiqi üzrə infrastruktur qurulmuş, dövlət orqanlarına və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
2011-ci ildə Azərbaycanda internet istifadəçilərinin sıxlığı 65 faizi ötmüşdür ki, bu da ümumdünya orta göstəricilərindən iki dəfə çoxdur.
Kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq dövlət proqramına uyğun görülən işlər artıq bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir.
Hesabat ilində ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər yenə də aktual olmuşdur. Xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilmiş, meşə sahələrində bərpa işləri aparılmışdır. Bakı və onun ətraf ərazilərinin ekoloji baxımdan sağlamlaşdırılması, eroziya proseslərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir. Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyası davam etdirilmişdir.
Dövlət başçısının ölkə tarixində ilk dəfə qısa bir zamanda respublika əhalisinin keyfiyyətli içməli su və kanalizasiya sistemləri ilə təmin edilməsi barədə qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün mühüm işlər aparılır. Hesabat ilində doqquz bölgədə bu istiqamətdə işlərin icrası davam etdirilmiş, 29 rayonda tikintiyə başlanılmışdır. Cari ildə daha 23 rayonda oxşar layihələr həyata keçiriləcəkdir. Nəzərdə tutulan layihələrin icrasına ümumən 3 milyard manatdan çox vəsait xərclənəcəkdir. Bununla yanaşı, Kür-Araz çayları ətrafında yaşayan əhalinin standartlara uyğun içməli su ilə təmin edilməsi məqsədilə ötən il 32 modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir. Ümumilikdə isə 340 mindən artıq əhalisi olan 188 yaşayış məntəqəsi belə qurğularla təmin edilmişdir.
Ötən il humanitar sahələr üzrə qəbul olunmuş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Təhsilə ayrılan büdcə vəsaitlərinin məbləği artırılaraq 1,3 milyard manata çatdırılmış, dövlət investisiya xərcləri 273 milyon manat təşkil etmişdir. 2011-ci ildə 182 təhsil müəssisəsi tikilmiş, əsaslı təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.
İstehsalatın ixtisaslı mütəxəssislərlə təmin olunması məqsədilə texniki-peşə təhsili sisteminə yönəldilən büdcə vəsaitlərinin həcmi 4,5 dəfədən çox artmışdır. Müvafiq dövlət proqramı çərçivəsində 853 gənc dünyanın 200 aparıcı universitetində dövlət vəsaiti hesabına təhsil almağa göndərilmişdir.
Son dövrdə səhiyyədə aparılan məqsədyönlü və sistemli islahatlar tibbi və demoqrafik göstəricilərin yaxşılaşmasına səbəb olmuşdur. Səhiyyəyə ayrılan büdcə vəsaitlərinin həcmi 2003-cü illə müqayisədə doqquz dəfə artmışdır. Bu da ölkədə çoxlu sayda müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin açılmasına imkan yaratmışdır. Bununla bərabər, mövcud səhiyyə obyektləri günün tələblərinə uyğun yenidən qurulmuş, qabaqcıl texnologiyalar və tibbi avadanlıqla təmin edilmişdir.
Mədəniyyət, turizm və idman obyektlərinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılmış, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər davam etdirilmişdir.
Hörmətli deputatlar! Dövlət başçısının gündəlik nəzarətində olan Silahlı Qüvvələrin hərbi gücünün və peşəkarlığının artırılması məsələlərinə hökumət daim xüsusi diqqət yetirir. 2011-ci ildə bu istiqamətə ayrılmış vəsaitin həcmi 2003-cü illə müqayisədə 20 dəfə artmışdır. Nəticədə Silahlı Qüvvələrin ən müasir silahlarla və texniki vasitələrlə təchiz edilməsinə, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə və keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə nail olunmuşdur.
Silahlı Qüvvələrin təchizatında müdafiə sənayesinin rolunun artırılması üçün yeni istehsal sahələri yaradılmışdır. İstehsal olunan hərbi məhsulların sayı və çeşidi artaraq 650-ni ötmüşdür. Təkcə əvvəlki illə müqayisədə istehsalın həcmi 1,7 dəfə artmışdır.
Bir məsələni də qeyd etmək istərdim. Silahlı Qüvvələrin inkişafında əhalinin könüllülük əsasında iştirakı məqsədilə 2002-ci ildə xüsusi yardım fondu yaradılmışdır. Fərəhləndirici haldır ki, ötən il bu fonda yığılan vəsaitlər iki dəfədən çox artmışdır.
Son illərdə əldə olunan iqtisadi uğurlarla yanaşı, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla səmərəli münasibətlər Azərbaycanın nüfuzunu dünyada xeyli artırmışdır. Bu gün xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin sayı 66-ya çatmışdır. İl ərzində Azərbaycan Respublikası ilə müxtəlif ölkələr arasında 107 beynəlxalq müqavilə imzalanmış, 22 ölkə ilə hökumətlərarası komissiyaların iclasları, çoxlu sayda beynəlxalq konfranslar və forumlar keçirilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası dünyanın 155 ölkəsinin etimadını qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmişdir.
Hörmətli deputatlar! Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında ölkəmizin ötən ildə də uğurla inkişaf etdiyini xüsusi vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı mövcud problemləri və 2012-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirmiş, onların icrası ilə əlaqədar müvafiq tapşırıqlarını vermişdir.
Nazirlər Kabineti gündəlik fəaliyyətini məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirir və əminliklə deyə bilərik ki, möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən davamlı milli inkişaf strategiyası ali məqsədimiz olan xalqın rifahının yüksəldilməsini və Azərbaycanın tərəqqisini təmin edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Artur müəllim. Millət vəkillərindən xahiş edirəm, müzakirələrdə iştirak eləyənlər yazılsınlar. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, hökumətin hər dəfə hesabatı ərəfəsində ölkədə baş verən ciddi hadisələr, təqdirəlayiq hadisələr də qeyd olunmalıdır.
Xüsusilə əmanətlərin qaytarılması ilə bağlı Prezident fərmanı uzun illərdən bəri Milli Məclisdə bizim qaldırdığımız məsələlərə həssaslıqla yanaşıldığının və nəhayət nəticəyə varıldığının bir göstəricisidir. Amma onu da qeyd etməliyəm ki, bu əmanətlərin haradasa 10 faizə yaxını qaytarıldı. Bu, tam da ədalətli bir yanaşma sayıla bilməz. Çünki vətəndaşlar daha çox məbləğin qaytarılmasını gözləyirdilər. Yaxşı olardı ki, Milli Məclisdə təkliflərimiz daha ciddi şəkildə nəzərə alınaydı. Onda vətəndaşlar bu əmanətlərin qaytarılması prosesindən daha çox razı qalardılar.
Bilirsiniz, bir sıra məsələlər var ki, müzakirədən keçmədikcə, ciddi təhlil olunmadıqca sonra ciddi səhvlərə gətirib çıxarır. Bunun simvolik nümunəsi kimi mən son vaxtlar Bakıda Koroğluya qoyulan abidəni göstərə bilərəm. Müsahibələrimin birində qeyd eləmişdim ki, məlum deyil, kimə sifariş verilir, kim bunu inşa eləyir, kim bunu qoyur. Bunun üzərində həmişə şəffaflıq olması vacibdir. Koroğluya milli qəhrəman kimi heykəl qoyulub. Misri qılınc əyri qılıncdır, amma ona bir xaçpərəst qılıncı veriblər və Koroğlu tamamilə fərqli bir obrazda təqdim olunub.
Bizim layihələr də, demək olar ki, elə bu vəziyyətdədir. Bildiyiniz kimi, dövlət büdcəsindən 5,85 milyard manatlıq dövlət investisiyası ayrılıb və xərclənib. Çox təəssüf ki, minə yaxın layihəyə pul ayrılmasına baxmayaraq, bu layihələrin hesabatı hələ də ortaya çıxarılmır. Əslində, burada şəffaflıq ona görə lazımdır ki, bu vəsaitlər ölkə vətəndaşlarının bu prosesə qatılımı ilə məsləhətli, daha effektli şəkildə xərclənə bilsin. Ümumi rəqəm verilir ki, nə qədər dövlət investisiyası sərf olunub. Amma hara, nə qədər sərf olunub, nəticəsi necə olub, illərlə davam edən layihələr nə vaxt başa çatacaq, ümumiyyətlə, bu layihələrin özünün effekti varmı? Bu kimi məsələlər də əslində öz həllini tapmalıdır.
Bu gün geniş quruculuq işləri gedir. Bakı şəhərində yollar çəkildi. Bir il öncə, iki il öncə çəkilmiş yollar təzədən qazıntı işlərinin aparılması ilə sıradan çıxarıldı. Kimsə ora yeni boru xətti basdırmalıdır, yaxud da yeni infrastruktur layihələri həyata keçirməlidir. Olmazmı ki, bunları əvvəlcədən düşünərək müəyyən məsələləri həyata keçirək?
Baxın, bizdə cəmiyyət içində Avroviziyaya görə may ayının əvvəlində məktəblərin fəaliyyətini dayandırması barədə söhbətlər gəzir. Əgər biz bilirdiksə ki, may ayında bu tədbir keçiriləcəkdir, niyə dərsləri, məsələn, sentyabrın 1-dən başlamadıq? Bəlkə sentyabrın 15-dən dərslərin başlaması heç bir effekt vermir və əslində, təhsildə ciddi geriləmənin səbəblərindən biri də elə budur. Ona görə də müvafiq qurumların bu barədə düşünməyini istərdim.
Digər tərəfdən, dövlət investisiya layihələrinin siyahısını, bildiyimiz kimi, Nazirlər Kabineti hazırlayır. Amma parlamentin bundan çox vaxt xəbəri olmur və parlament bunu təsdiq də eləmir. 2012-ci ilin büdcə layihəsi parlamentə veriləndə Maliyyə Nazirliyi bu il həyata keçiriləcək investisiya layihələrinin təqdimatını hazırlamışdı. 2012-ci il 6 fevral tarixdə Nazirlər Kabineti layihələrin siyahısını təsdiq edir, amma bu siyahı ilə Maliyyə Nazirliyinin təqdimatı arasında köklü fərqlər mövcuddur. Necə ola bilər, Maliyyə Nazirliyinin verdiyi təqdimatla Nazirlər Kabinetinin verdiyi 6 fevral tarixli layihələrin siyahısında belə ciddi fərqlər olsun? Yəni bunlar ortadan qaldırılmalıdır. Bu cür yanaşmalar, məncə, ortaya qoyulan sənədlərin ciddiliyini kölgə altına alır. Nazirlər Kabinetinin layihələrinin siyahısı ictimaiyyətə niyə açıqlanmır? Bu açıqlanmalıdır. Biz başa düşürük, çox sahədə böyük işlər görülür. Amma quruculuq işlərinin hansı sahədə getdiyi, hara nə qədər vəsait ayrıldığı haqqında vətəndaşlarda məlumat olması olduqca vacibdir.
Korrupsiya ilə bağlı məsələyə mən toxunmaq istəyirəm. Bu günlərdə Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və sığorta təşkilatı arasında saziş imzalandı ki, gəlir deklarasiyasını təqdim etmək mükəlləfiyyəti artıq vəzifəli şəxslərin üzərinə qoyulsun. Bu, təbii ki, korrupsiyanın aradan qaldırılmasına kömək göstərən ciddi amillərdən biridir. Amma mən hesab edirəm, hökumət artıq bəyan eləməlidir ki, korrupsiyaya qarşı mübarizə aparılmır və yaxın zamanlarda aparılmayacaq. Nəyə görə? Çünki vətəndaşları illüziyaya qapdırmağa ehtiyac yoxdur.
Mən bir nümunə göstərmək istəyirəm. Bakı fəhləsi zavodunda işləyən çox sayda insanlar bu müəssisə ilə bağlı mənə müraciət eləmişdilər. Mən onlara bildirdim ki, sizin bu müraciətin ciddi əhəmiyyəti olmayacaq, özünüzə problem yaradacaqsınız. Onlar təkid elədilər, dedilər ki, Siz millət vəkilisiniz, bunu müvafiq komissiyaya göndərin. Müvafiq komissiyaya göndərəndən sonra o zavodda müəyyən dəyişiklik oldu, çünki kriminal xarakterli çox ciddi, əsaslı faktlar var idi. Müəssisəyə kifayət qədər təcrübəsi olan bir şəxs direktor təyin olundu. Amma ardınca nə gəldi? Kimlər şikayət eləmişdi, hamısı cənab Qaraxanovun göstərişi ilə işdən azad olundu. Bundan sonra korrupsiya faktları ilə bağlı artıq kim bizə müraciət edirsə, mən izah edirəm ki, özünüz öz ərizənizi cırıb atın, çünki bu mübarizə faktik olaraq aparılmır. Məncə, vətəndaşlara, işçilərə qarşı bu cür münasibətin göstərilməsi artıq dövlətin özünün siyasətinə qarşı, onun nüfuzdan salınmasına yönəldilən bir hərəkət kimi də qiymətləndirilə bilər. Ona görə də bu kimi məsələlərdə daha diqqətli davranmağınıza ehtiyac var.
Bütün sahələrdə vətəndaşın marağını düşünərək addımlar atılması olduqca önəmlidir. Amma çox təəssüf ki, həyatda başqa faktlarla qarşılaşırıq. Sizə təyyarə biletləri ilə bağlı bir nümunə deyəcəyəm. 15 martda Bakı–Ankara reysinə biletin qiyməti 320 manata qədər olur. 4 gün sonra, ayın 19-da bu qiymət 800 manata qalxır. Bu nə cür ola bilər? Əgər burada tələbat varsa, əlavə təyyarə reysi ayrılsın. Belə sui-istifadələr olmaz. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bakıda aeroportdan şəhərə gəlmək problemdir. Sadə vətəndaşı düşünürüksə, onun maşını yoxdur, o necə şəhərə gəlsin çıxsın? Orada xüsusi marşrut açmaq, o marşrutda avtobusların 24 saat işləməsini təşkil eləmək kimlərin marağına uyğun gəlmir? Buna görə vətəndaşların sıxıntı çəkməsi rəvadırmı? Gəncədən, Naxçıvandan, Zaqataladan, Lənkərandan gələn yoxsul adam niyə bir də 20 manat, 10 manat verib taksi ilə şəhərə gəlməlidir? Yəni adi məsələlərdir, bu məsələlərə görə vətəndaşı narazı salmağa nə ehtiyac var?
Digər sahələrdə də, məncə, bu istiqamətdə ciddi addımlar atılması olduqca vacibdir. Mən hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatında bir sıra məsələlər öz əksini tapsa da, prinsipial məsələlərdə münasibət bildirilmir.
Rusiyada vaxt məsələsində dəqiq nizamnamə həyata keçirilir. Bizdə yenə də 25 martda yay vaxtına keçiləcəkdir. Alimlər əsaslandırdılar ki, Azərbaycanda buna ehtiyac yoxdur. Bəlkə bu məsələlər də müzakirə olunsun və müəyyən problemlərin aradan qaldırılmasına nail ola bilək. Enerji itkisi ilə bağlıdırsa, bunu əsaslandırmaq daha yerində olardı.
Yekunda onu söyləmək istəyirəm ki, biz tez-tez illəri idman ili və sair illər kimi elan edirik. Bakı şəhəri ilə bağlı bu ili bəlkə qazıntı ili elan eləyək? Hər yan birdəfəlik qazılsın və bu ilin axırına qədər heç yerə asfalt çəkilməsin. Nə ki infrastruktur var, kanalizasiya, su xətləri, hamısı birdəfəlik qoyulsun, ondan sonra gözəl asfalt çəkilsin. Hesab edirəm ki, əgər belə olarsa, vətəndaşlar da yolların vəziyyətinə görə heç bir narazılıq eləməz, hamı düşünər ki, bir ildən sonra inşallah, vəziyyət öz qaydasına düşəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hesab edirəm ki, hökumətimizin ötən ildəki fəaliyyəti də uğurlu fəaliyyətdir və son 10 ildə ölkədə başlanan əsaslı islahatların, sürətli irəliləyişin, iqtisadi inkişafın sosial tərəqqiyə transformasiyasının davamı kimi ötən il də çox əhəmiyyətli olmuşdur.
Mən də çıxışımın əvvəlində cənab Prezidentin srağagün verdiyi fərmanla əlaqədar fikirlərimi söyləmək istəyirəm. Düşünürəm ki, SSRİ dövründən qalmış əmanətlərin qaytarılması Azərbaycan ictimaiyyətinin, Azərbaycan əmanətçilərinin çoxdan gözlədiyi bir aksiya idi və bu iş də cənab Prezidentin sərəncamı ilə çox uğurlu şəkildə həyata keçirildi.
Məndən öncə danışan deputat həmkarımdan fərqli olaraq düşünürəm ki, bu, MDB məkanında əmanətlərin qaytarılmasının ən uğurlu variantıdır. Birinci ona görə ki, manatın ən yüksək indeksasiyası bizim dövlətimiz, hökumətimiz tərəfindən aparıldı. Əmanətlərin verilməsində ən qısa müddət bizim dövlətimiz tərəfimizdən müəyyənləşdirilib. Bu işin əhalini heç bir kateqoriyaya bölmədən qısa müddət ərzində həyata keçirilməsi də çox önəmlidir.
Müxalifət mətbuatında dövlətimizin, hökumətimizin uğurlarını gözü götürməyənlər tərəfindən bəzən görürsən, əmanətlərlə bağlı çox çirkin siyasi manipulyasiyalar aparılır. Amma bunların heç bir əsası yoxdur. Ən azı ona görə ki, Azərbaycan dövləti SSRİ dövlətinin öhdəliklərinə şərik deyildi və bu öhdəliklərə görə heç bir məsuliyyət daşımırdı. İkinci tərəfdən, indiki manatı çox zaman 1970–1980-ci illərin manatı ilə müqayisə edirlər. 1991-ci ildə o manat o qədər inflyasiya olunmuşdu ki, 125 rubl 1 ABŞ dollarından da aşağı idi. O indeksasiya ilə götürülsəydi, hökumət indi ayrılan məbləğin təxminən yarısından da az məbləğ verməli idi.
Bir daha demək istəyirəm ki, bu, Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi gücünün, humanist siyasətinin göstəricisidir və Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması istiqamətində cənab Prezidentin apardığı daimi siyasətin tərkib hissəsi kimi əhəmiyyətlidir.
Hesab edirəm ki, ötən ildə iqtisadi inkişafın sürətləndirilməsi siyasəti, regionların və qeyri-neft sektorunun inkişafı uğurla davam etdi və bütün bu uğurları Azərbaycan xalqı, Azərbaycan insanı öz sosial həyatında sosial rifah halının gündən-günə yaxşılaşmasında görür.
Səhiyyə ilə bağlı onu demək istəyirəm ki, son on ildə başlayan islahatlar ötən il də uğurla davam etdi. Artıq Azərbaycanda modern bir səhiyyə sistemi qurulmuşdur. Son bir neçə ildə 400-dən çox səhiyyə müəssisəsi tikilib və ya tam təmir edilərək ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Azərbaycanın yalnız Bakı şəhərində deyil, regionlarında da ən yüksək səviyyədə müayinələrin, ən çətin və unikal əməliyyatların – açıq qəlb əməliyyatlarının, transplantasiya əməliyyatlarının aparılması bu gün faktdır və Azərbaycan səhiyyəsinin Azərbaycan əhalisinə ən yüksək səviyyədə xidmət göstərməsinin bir nümunəsidir.
Bu ilin yanvar ayında cənab Prezident Gəncədə olarkən söylədi ki, bu şəhər artıq ölkənin Qərb regionunun çox nüfuzlu bir mərkəzinə çevrilməkdədir və hesab edirəm ki, Gəncədə Mərkəzi Klinik Xəstəxana tipində açıq qəlb əməliyyatlarının, orqan köçürülmələrinin və digər ən müasir əməliyyatların aparılmasını təmin edəcək regional bir klinik mərkəzin yaradılması zəruridir. Fürsətdən istifadə edərək Nazirlər Kabinetindən bu işin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsini xahiş edirəm.
Səhiyyə ilə bağlı danışarkən qeyd etməliyəm ki, bu sahədə biz çox vacib bir məsələni də həyata keçirməliyik. İcbari tibbi sığortanın tətbiq olunması Azərbaycanda həm əhalinin səhiyyə xidmətlərinin əlçatanlığını yaxşılaşdıracaq, həm bu xidmətin keyfiyyətini artıracaq, həm də dövlətin səhiyyə xərclərinin sığorta şirkətləri arasında paylanmasına gətirib çıxaracaqdır. Bunun üçün bizim hüquqi bazamız da, maliyyə əsaslarımız da var. Sığorta şirkətləri Azərbaycanda artıq kifayət qədər genişlənib və bu işi görmək qabiliyyətindədir.
Sosial müdafiə ilə bağlı cənab Baş nazirin söylədiyi fikirləri mən tamamilə dəstəkləyirəm. Azərbaycanda son illərdə pensiya təminatı, əhalinin sosial müdafiəsi sahəsində, həqiqətən, çox uğurlu islahatlar aparılır. Pensiya-sığorta sisteminin yenidən qurulması sahəsində Azərbaycan modeli artıq beynəlxalq aləmdə nümunə kimi göstərilir və bizim təcrübəmiz də öyrənilməkdədir.
Eyni zamanda, əhalinin yoxsulluğunun aradan qaldırılması, aztəminatlı insanların sosial təminatının yaxşılaşdırılması, ünvanlı sosial yardımın verilməsi, əlillərin, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması sahəsində də dövlətimizin və hökumətimizin apardığı tədbirləri yüksək qiymətləndirirəm.
Bu məsələ ilə bağlı mənim bir təklifim var. “Uşaq hüquqları haqqında” Qanunun 36-cı maddəsində göstərilir ki, sağlamlıq imkanı məhdud olan uşaqlara baxmağa görə ailə üzvünə müavinət verilir. Amma bu iş nədənsə icra olunmur. Mən hökumətin müvafiq qurumlarından xahiş edərdim ki, sağlamlıq imkanı məhdud uşaqlarına baxmağa görə valideynə müavinət verilməsi məsələsi öz həllini tapsın.
Ümumiyyətlə, sosial müavinətlər çox aşağıdır. Azərbaycanda təxminən 308 min nəfər sosial müavinət alır. Mən əmək pensiyası olmayan insanların aldığı sosial müavinətlərin orta məbləğinin qaldırılaraq tədricən yaşayış minimumuna çatdırılması istiqamətində də hökumətin müəyyən işlər aparmasını təklif edərdim.
Son illərdə əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, əmək münasibətlərinin tənzimlənməsi sahəsində görülən işləri təqdir etməklə yanaşı, mən bir məsələyə də diqqət çəkmək istəyirəm. Son bir neçə ildə hökumət tərəfindən sahibkarlığın qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar təqdir olunmalıdır. Amma özəl sektorda aparılan yoxlamaların qaydalarının müəyyən edilməsi, xüsusilə Ədliyyə Nazirliyində bir reyestrin yaradılması və bu reyestr üzrə bir il ərzində hansı müəssisələrdə yoxlamalar aparılacağının iş planına salınması, yoxlanacaq müəssisəyə istər Dövlət Əmək Müfəttişliyi, istər Sosial Müdafiə Fondu və ya Yanğından Mühafizə Xidməti, istərsə də Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılacaq yoxlamalar barədə öncədən, ən azı bir gün, iki gün qabaq rəsmi xəbərdarlıq göndərilməsi bir tərəfdən sahibkarlığın qorunması baxımından yaxşıdır, amma digər tərəfdən neqativ halların aşkarlanmasına əngəl törədən məsələdir. Bu məsələnin də həlli üçün düşünmək lazımdır.
Ümumiyyətlə, hökumətimizin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Əhalinin sosial rifah halının yaxşılaşdırılması, sosial layihələrin həyata keçirilməsi, əmək haqlarının və pensiyaların orta məbləğinin artıq inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşdırılması istiqamətində atılan addımlar xüsusilə uğurlu addımlardır. Hökumətimizin kifayət qədər əsası vardır ki, artıq Avropa Sosial Xartiyasının hələlik qoşulmadığımız maddələrinə qoşulmaq haqqında düşünək. Hökumətimizə uğurlar arzulayıram. Bayramınızı təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, keçən il mən reqlamentin 5 dəqiqəyədək azaldılmasına görə çox iradlar aldım. Hər dəqiqədən bir biri deyir, 1 dəqiqə vaxt ver, 2 dəqiqə vaxt ver, vaxt çatmadı, çıxışım qaldı. Ona görə 10 dəqiqəlik reqlamentlə davam edirik. Kimin sözü azdır, az danışsın. Müəyyən olunmuş qayda ilə davam edirik. Musa Qasımlı buyursun.
M. Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hökumətimizin təqdim etdiyi hesabata səs verəcəyəm. Hər şeydən əvvəl ona görə ki, Avropanı bürüyən böhran şəraitində cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan köklü islahatlar, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər müsbət qiymətləndirilməlidir.
Bu tədbirlərin ən mühümlərindən biri bir neçə gün bundan qabaq həyata keçirildi. Sovet dövründə batmış əmanətlərin geri qaytarılması haqqında fərman imzalandı. Mən buna nəyə görə batmış əmanət deyirəm? Əgər hər hansı bir digər ölkənin ərazisinin bir hissəsi işğal altında olsaydı, məcburi köçkün və qaçqınları olsaydı, bəlkə də həmin ölkədə bu əmanətlər heç zaman qaytarılmazdı. Bu əmanətlərin qaytarılması, sadəcə, cəsarətli bir addım deyil. Bu, eyni zamanda, Prezidentimizin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin əhalinin vəziyyətini, şəraitini yaxşılaşdırmağa yönəlik millətsevər bir siyasəti kimi qiymətləndirilməlidir.
Ötən il hökumətimizin bəzi qurumları öz fəaliyyətləri ilə Azərbaycan dövlətinə həm xarici ölkələrdə, həm də ölkə daxilində nüfuz qazandırdılar. Hər şeydən əvvəl onu deyim ki, qardaş Türkiyədə, Vanda baş verən zəlzələ nə qədər acı idisə, zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyimizin zərərçəkənlərə Türkiyədəki müvafiq qurumlardan da əvvəl yardım aparması, türk qardaşlarımızın yanında olması qürurverici idi. Bu, sadəcə, hissiyyatlı bir məsələ deyil, bu, Azərbaycanda oturuşmuş bir dövlətin olması, qısa bir müddət ərzində bir qurumun formalaşması və Azərbaycandan kənarda dövlətə nüfuz gətirməsi, dövlətin mövqelərinin möhkəmləndirilməsi anlamına gəlməlidir. Biz bu fəaliyyəti bir neçə il əvvəl Rusiyada meşə yanğınları və İsraildə fövqəladə hal zamanı da gördük. Hesab edirəm ki, bunlar da Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə kömək edən addımlardır.
Digər bir məsələni mən xüsusi vurğulamaq istəyirəm. Ötən il bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyimizin ilan mələyən boz çöllərdə, İpək Yolu və digər böyük yollar boyunca meşələr salması, ağaclar əkməsi müsbət qiymətləndirilməlidir. Bəlkə də indinin özündə biz bunu lazımınca qiymətləndirə bilmirik, amma bu çox çətin bir işdir.
Digər tərəfdən, mən konkret olaraq daxili işlər nazirimizin və Dövlət Sosial Müdafiə Fondu sədrinin yerlərdə insanlarla görüşməsini qapılarını vətəndaşların üzünə açmayan bir sıra qurumlarımızın rəhbərlərinə bir örnək hesab edirəm. Onlar da qapılarını açmalıdırlar, insanların yanına getməlidirlər.
Bütün bunlarla yanaşı, mən hörmətli hökumət üzvlərimizin diqqətini bəzi məsələlərə yönəltmək istəyirəm. Hər şeydən əvvəl hesab edirəm ki, hökumətimizin fəaliyyətinə kölgə düşürən heç bir hadisəyə, məsələyə yol vermək olmaz. Bunlardan biri Azərbaycanda bir sıra inşaat şirkətlərinin vətəndaşların pulunu alıb binaları inşa etmələri, amma sonradan vətəndaşları çöldə qoymalarıdır. O şirkətlərin işi Azərbaycan qanunları ilə tənzimlənir. Azərbaycanın hökumət strukturları o şirkətlərə ciddi nəzarət etməlidirlər. Binaları təhvil alan qurumlar bu məsələlərlə çox ciddi şəkildə məşğul olmalıdırlar. İnsanlar yeni binaya köçüb yaşayır, amma binada qaz olmur. Allah eləməsin, sabah fövqəladə bir hadisə baş versə, necə olacaq? İnsanlar digər qurumları günahlandıracaqlar. Hesab edirəm ki, hökumətimiz bu məsələ ilə ciddi məşğul olmalıdır.
İkincisi, son illər ölkəmizdə demoqrafik proseslərin inkişafı müsbət qiymətləndirilməlidir. Ancaq ölkə əhalisinin sayı dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri olduğundan mən belə hesab edirəm ki, bizdə mütləq demoqrafik inkişaf, əhali artımı ilə bağlı Hökumət proqramı qəbul edilməlidir. Bu bizə bəlkə də indi yox, bir neçə on illər sonra lazım olacaq.
Üçüncüsü, bilirsiniz ki, ölkəmiz artıq beynəlxalq tədbirlərin ən yüksək səviyyədə keçirildiyi yerə çevrilib. Neçə illər əvvəl Azərbaycanda hər hansı bir tədbiri keçirmək çox çətin idi. Bu gün bu tədbirlər ən yüksək səviyyədə keçirilir. Amma bu özü ilə bərabər bir sıra problemlər də gətirir. O problemlərdən biri bizim suvenir sənayemizdir. İçərişəhərdə bir sıra müəssisələrdə suvenir hazırlanır. Amma onların üstündə nə şəhərimizin, nə də ölkəmizin adı var. Soruşanda deyirlər ki, alan onsuz da bilir, Azərbaycanda alıb. Yaxşı, 10 il sonra Azərbaycan xalçalarını kimlərsə öz adına çıxaracaqsa, buna nə ad vermək olar?
Dördüncüsü, mən tarixçi olduğum üçün hökumətimizin bugünkü fəaliyyətinə bir neçə illər sonrakı bir tarixçinin gözü ilə baxmaq istəyirəm. Hesab edirəm, nazirliklərimiz, komitələrimiz, dövlət qurumlarımızın yerlərdəki şöbələri vətəndaşlarla işləməlidir. Şikayətlərin sayı az olmalıdır. Əgər onlar yerlərdə insanlarla yaxşı işləyərlərsə, vətəndaş mərkəzə üz tutmaz. Son vaxtlarda bu hesabatların dərc olunması göstərir ki, bu sahədə irəliləyişlər var.
Mən hökumətin bütün üzvlərindən seçildiyim Sumqayıta diqqət yetirmələrini xahiş edirəm. Mən bu baxımdan Rövnəq müəllim Abdullayevin, demək olar ki, hər həftə Sumqayıtda olmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, hökumətin hər bir üzvü Sumqayıta diqqət yetirməli və oradakı problemlərin həlli ilə yerində məşğul olmalıdır.
Mən hökumətin hesabatına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Müzakirə etdiyimiz hesabat, habelə hörmətli Baş nazirimiz cənab Rasizadənin məruzəsi keçən ildə ölkənin sosial-iqtisadi inkişafını, əhalinin maddi həyat şəraitinin yaxşılaşmasını əks etdirir. Neftlə yanaşı, qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyir. Ötən ili dövlət başçısının nəzərdə tutduğu hədəfə, yəni gələn onillikdə ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 80 faizə çatdırılmasına doğru yolda uğurlu il hesab etmək olar.
İndi bir neçə kəlmə də hesabatın məzmunu barədə. Düşünürəm ki, hesabatda kəmiyyət göstəriciləri ilə yanaşı daha dərin və ətraflı tərzdə keyfiyyət göstəriciləri də təhlil edilməlidir. Xatırlayırsınızsa, bir neçə il əvvəl hökumətdə və cəmiyyətdə sosial inkişafın formalaşmasının sırf keyfiyyət üzərində qurulmuş metodika, yəni indikativ planlaşdırma əsasında aparılması müzakirə olunurdu. Zənnimcə, bu məsələyə yenidən baxılmalıdır. Kəmiyyət göstəricilərinin son nəticədə hansı konkret keyfiyyət dəyişiklikləri ilə müşayiət olunduğu daha bariz və anlaqlı şəkildə ölkə vətəndaşlarına çatdırılmalıdır.
Çıxışımda bir məsələyə də toxunmaq istərdim. Artıq qeyd edildiyi kimi, hörmətli cənab Prezident İlham Əliyev martın 14-də vətəndaşların keçmiş əmanət banklarında qalan əmanətlərinin birdəfəlik verilməsi barədə fərman imzalayıb, ödəmələrin verilməsi qaydalarını təsdiq edib. Bu önəmli qərara görə öz seçicilərim adından hörmətli dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.
Bir hüquqşünas kimi əmanətlərin qaytarılması prosesində yarana biləcək bəzi problemlərə də toxunmaq istərdim. Məsələn, bir sıra əmanətlər üzrə arxiv materialları məhv olub. Bunun da əsas səbəbi həmin arxiv materiallarının işğal olunmuş ərazilərdə qalmasıdır. Həmin ərazilərdə əmanət banklarında olan əmanətlərin tam məbləği barədə məlumat əldə etmək imkanı yoxdur. Bunun da nəticəsində məcburi köçkünlərə ödəniləcək vəsaitlərin hesablanması yolunda ciddi problemlər yaşana bilər. Yəni bu təbəqə üçün xüsusi mexanizm düşünülməlidir.
Başqa bir problem. Sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmanət kitabçası da hazırlana bilər. Analoji hal Ukraynada tez-tez rast gəldiyinə görə bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses beş dəfə təxirə salındı. Düşünürəm ki, təhlükəsizlik kodlarının olmamasına baxmayaraq, əmanət arxivlərinin elektronlaşdırılması vasitəsi ilə bu problemi də həll etmək mümkün olardı.
İqtisadçı olmasam da, qeyd etmək istərdim ki, əmanətlərin qaytarılması ilə bağlı əlavə inflyasiya təhlükəsi yarana bilər. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər istehlak malları indeksinin artması göstərir ki, əmanətlərin nağd formada qaytarılması inflyasiyanı daha da gücləndirə, faktiki olaraq bu prosesdən əhalinin daha yaxşı faydalanmaq imkanlarını məhdudlaşdıra bilər. İstərdim ki, bu məsələlərə də aydınlıq gətirilsin, dövlətin bu humanist addımının bütün sosial və iqtisadi tərəfləri daha geniş şəkildə işıqlandırılsın.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, biz, Tovuzdan olan üç deputat – Qənirə xanım Paşayeva, Rafiq Məmmədhəsənov və mən Tovuz şəhər sement zavodu qəsəbəsində 1912–1913-cü illərdə inşa olunmuş, yaşamaq üçün tam yararsız binalarda yaşayan və maddi imkanı məhdud olan 85 ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət vəsaiti hesabına iki beşmərtəbəli binanın tikilməsi barədə hörmətli Baş nazirimiz Artur Rasizadəyə fevralın 23-də yazılı müraciət etmişik. Çox istərdim ki, o binalarda yaşamaq məcburiyyətində olan vətəndaşlarımıza qayğı göstərilsin, müraciətimiz müsbət həll olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də burada artıq səsləndirilən fikirlərə qoşularaq Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyətini, o cümlədən də hökumətin fəaliyyəti ilə əlaqədar hörmətli Baş nazir Artur Rasizadənin təqdimatını yüksək qiymətləndirirəm.
2011-ci ildə də Azərbaycanda sürətli inkişaf meylləri davam edibdir. Mən Azərbaycanda 2011-ci ildə sosial layihələrin həyata keçirilməsi istiqamətində hökumətin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldiyini, ölkənin sosial inkişafında daha böyük nailiyyətlərin əldə olunduğunu ayrıca vurğulamaq istəyirəm. Bütün bunların nəticəsi olaraq Azərbaycanda həyat standartları dəyişməyə başlayıbdır. İnsanların bütövlükdə tələbatlar sistemində əhəmiyyətli dəyişikliklər özünü göstərməkdədir. Hörmətli Baş nazirin gətirdiyi rəqəmlərə istinad edərək Azərbaycanda maaşların, pensiyaların artırılması, hesab edirəm ki, bu dəyişikliklərin kökündə dayanan ciddi məqamlardan biridir.
Mən xüsusilə qaytarılacağına artıq bəzilərinin ümidini itirdiyi dondurulmuş əmanətlərin hörmətli Prezidentimizin sərəncamı ilə qaytarılmasını ayrıca vurğulamaq istəyirəm. Hesab edirəm ki, bu, son illərdə Azərbaycanda həyata keçirilən ən əhəmiyyətli sosial layihələrdən biridir. Bu, eyni zamanda, Azərbaycanda böyük bir siyasi iradəni açıq şəkildə ortaya qoydu. Digər bir tərəfdən, belə bir sərəncamın imzalanması Azərbaycanın makroiqtisadi göstəricilərinin açıq ifadəsi və Azərbaycan dövlətinin iqtisadi imkanlarına hökumətin inamını açıq şəkildə ortaya qoyan reallıqlardan biridir.
Həyatımızın, həyat standartlarımızın sürətlə dəyişməsi göz qabağındadır. İnsanların həyata baxışı və gələcəyə ümidləri kifayət qədər yüksəkdir.
Mən həyatımızda olan dəyişikliklərin bir göstəricisini də qeyd etmək istərdim. Azərbaycanda şəxsi istifadədə olan avtomobillərin sayı 1 milyonu ötübdür. Azərbaycanın əhalisi isə orta hesabla 2 milyon ailədən ibarətdir. Bu o deməkdir ki, orta hesabla hər iki ailədən birinin şəxsi avtomobili var. Hesab edirəm ki, cəmi 20 il müstəqil yaşamış bir dövlət üçün bu kifayət qədər yüksək göstəricidir. Digər tərəfdən, Azərbaycanın sosial simasının sürətlə dəyişməsi də ölkəmizin inkişafının göstəricilərindən biridir.
Bütövlükdə sürətli inkişaf sindromu adlanan bir anlayış var. Sürətli inkişafın özü də müəyyən problemlər yaradır. Məsələn, avtomobillərin sayının artması, təbii ki, yollarda tıxaclara səbəb olur. Çoxlu infrastruktur dəyişikliklərinin həyata keçirilməsinin özü də problemlər yaradır. Bayaq onlardan birini də burada səsləndirdilər ki, yolları sökürlər və sair. Dünyanın hər bir yerində infrastruktur layihələri həyata keçiriləndə söküntülər olur. Bütün bunlar sürətli inkişafın yaratdığı və təbii ki, insanların adət etdiyi həyat ritmini dəyişən gerçəkliklərdir. Hesab edirəm ki, biz buna inkişafın göstəricisi, nəticəsi kimi baxmağa alışmalıyıq.
Təbii ki, sürətli inkişaf yeni və daha cəsarətli islahatların həyata keçirilməsini tələb edir. Bunlardan birincisi Azərbaycan regionlarının əksəriyyətinin bu günə qədər dotasiya ilə yaşamasına son qoyulmasıdır. 8 ilə yaxındır, Azərbaycanda Prezidentin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsi nəticəsində böyük dəyişikliklər əldə edilib. Regionlar sürətlə inkişaf edir. Onların həm siması dəyişib, həm də iqtisadi fəallığı artıbdır. Hesab edirəm, Azərbaycan artıq elə bir mərhələyə gəlib çatıb ki, regionların dotasiya ilə yaşamasına son qoyulmalıdır.
Bununla yanaşı, region rəhbərlərinin fəaliyyətinə qiymət verilməsi metodikasında da mən dəyişikliklərin həyata keçirilməsinə ehtiyac yarandığını qeyd etmək istəyirəm. Əlbəttə, regionların sosial simasının dəyişməsi, infrastruktur layihələrinin həyata keçirilməsi çox əhəmiyyətlidir. Amma region rəhbərinin fəaliyyətinə qiymət verərkən daha çox sosial-iqtisadi göstəricilər, iş yerlərinin açılması, regionun maliyyə vəziyyətinin yaxşılaşması, iqtisadi göstəricilər nəzərə alınarsa, bu, bütövlükdə iqtisadi inkişafımıza təkan verən məqamlardan biri olar.
Yeri düşmüşkən, mən Azərbaycanın inzibati ərazi vahidlərinin rayon adlandırılmasına da nəhayət son qoymağın vaxtı çatdığını qeyd etmək istəyirəm. Mən bilmirəm, sovet hökumətindən qalan rayon anlayışı Azərbaycanda nə qədər dövr edəcəkdir. Bununla əlaqədar olaraq inzibati ərazi vahidlərinin bəlkə də kiçilməsinə son qoymağın vaxtı çatıbdır. Bu bir tərəfdən inzibati idarəetmə xərclərinin azaldılması və ikinci tərəfdən idarəetmə mexanizminin təkmilləşdirilməsi, sadələşdirilməsi baxımından əhəmiyyətlidir.
Mən demoqrafik inkişaf strategiyası baxımından da təkliflərimi səsləndirmək istəyirəm. Son illərin statistikası göstərir ki, Azərbaycanda 20 il ərzində əhali 2 milyon nəfər artıbdır. Bu o deməkdir ki, 10 il ərzində Azərbaycanda təxminən 1 milyon əhali artır. Deməli, yenə də orta göstəricilərə əsaslansaq, Azərbaycanda hər il 100 min əhali artımı baş verir. Bununla əlaqədar olaraq bizim gələcək perspektivlərlə bağlı müəyyən proqnozlarımız və proqnozlara uyğun layihələrimiz, iş prinsiplərimiz müəyyənləşdirilməlidir.
Bunların birincisi, təbii ki, iş yerlərinin açılmasıdır. Biz Azərbaycanda orta hesabla ildə 100 min iş yerinin açılması ilə ona nail ola bilərik ki, əhalinin sürətli artımı ölkədə artıq iş qüvvəsinin yaranmasına gətirib çıxarmasın. Bu bizim hökumətin demoqrafik inkişaf sahəsindəki fəaliyyətində ən vacib məqamlardan biri olmalıdır.
Əhalinin sürətli artımı təhsil, xüsusilə də universitet təhsili ilə bağlı bir sıra vacib addımların atılmasını nəzərdə tutur. Bu gün Azərbaycan gənclərinin təxminən 30 faizi universitet təhsili ilə əhatə olunur. Əgər artım bu cür davam etsə, bir neçə ildən sonra universitet təhsili ilə əhatə olunan gənclərin xüsusi çəkisi 25 faizə düşəcəkdir. Mən belə hesab edirəm ki, XXI əsr üçün bu kifayət qədər kiçik göstəricidir. Ona görə də universitetlərin sayının artırılmasının vacib olduğunu ayrıca qeyd etmək istəyirəm. Çalışmaq lazımdır ki, 2020-ci illə əlaqədar olan strategiyamızda gənclərimizin universitet təhsili ilə əhatə olunmasını, heç olmasa, 50 faizə çatdıra bilək.
Təbiidir ki, demoqrafik inkişaf mənzil məsələsini ciddi şəkildə ortaya qoyur. Əgər 1 il ərzində Azərbaycanda əhalinin sayı orta hesabla 100 min nəfər artırsa, bu o deməkdir ki, insanların mənzilə olan ehtiyacının təmin edilməsi üçün bu artıma müvafiq şəkildə mənzil tikintisini təmin etməliyik. Mənzil tikintisinə və insanların mənzillə təmin olunmasına dövlət tərəfindən müəyyən kredit və güzəştlərlə dəstək verilməsinə də ciddi ehtiyac var.
Əhalinin məskunlaşması məsələsini mən qeyd etmək istəyirəm. Bu da, təbiidir ki, əhalinin sürətli artımı ilə əlaqədardır. Kəndin verdiyi imkanlar daxilində insanların ölkəmizdə yaranan həyat standartlarına uyğun şəkildə yaşayışını təmin etmək, yarım hektar torpaqla bir ailəni indiki həyat standartlarına uyğun şəkildə təmin etmək mümkün deyil. Bu ona gətirib çıxaracaq ki, əhali kənd yerlərindən şəhərə axacaqdır. Bununla əlaqədar olaraq regionlarda iqtisadi, mədəni mərkəzlərin yaradılmasına və ya artıq mövcud olan mərkəzlərin daha da genişləndirilməsinə çox ciddi ehtiyac var. Bu bir də ona görə lazımdır ki, Bakı şəhərində əhalinin həddən ziyadə artmasının və beləliklə, müəyyən ciddi problemlərin yaranmasının qarşısını almaq mümkün olsun.
Mən güman edirəm ki, bunlar Azərbaycanın 2020-ci ilə hədəflənmiş inkişaf strategiyasının konsepsiyasının hazırlanması kontekstində nəzərdən keçirilən xüsusi əhəmiyyəti olan hədəflər kimi dəyərləndirilərək orta perspektivli proqramlar şəklində həyata keçirilə bilər.
Mən bir daha çıxışımın əvvəlində səsləndirdiyim təklifə qayıtmaq istəyirəm. 2011-ci ildə hökumətimizin fəaliyyəti kifayət qədər səmərəli olub, inkişaf tendensiyası qorunub saxlanılıbdır. Bu isə Azərbaycanın növbəti, 2012-ci ildə daha yüksək iqtisadi və sosial göstəricilər əldə etməsi üçün zəmin yaradıbdır. Bu mənada mən hörmətli deputatlarımızı hökumətimizin fəaliyyətini yüksək qiymətləndirməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Elton Məmmədov.
E. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və dəvət olunan qonaqlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, Avropaya inteqrasiya yolunda ciddi layihələr icra olunur, dünya ölkələri ilə əlaqələr genişlənir.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz son 8 ildə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın həcminin 3 dəfə, sənaye istehsalının 4 dəfə, tikinti həcminin 3,2 dəfə artdığını bildirərək bunun dünya iqtisadiyyatında çox yüksək göstərici olduğunu qeyd etmişdir.
Geniş və ətraflı şəkildə hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunmuş hesabatdan göründüyü kimi, son 4 il ərzində iqtisadiyyatın əsas makrogöstəricisi olan ümumi daxili məhsulun istehsalı iki dəfə artaraq 50 milyard manatdan çox olmuşdur.
Ən önəmli nailiyyətimiz qeyri-neft sektorunun sürətlə inkişafıdır. Burada 8 il ərzində artım 2,2 dəfə olmuşdur. 2011-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyanın 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşmüş, əvvəlki illə müqayisədə bu sahəyə yönəldilən investisiyaların həcmi 40 faiz çox olmuşdur.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə iqtisadi inkişafı” Dövlət Proqramının və digər sahə proqramlarının həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması vasitəsi ilə yoxsulluğun azaldılması təmin edilmişdir. Yalnız 1 il ərzində yoxsulluq səviyyəsi 9,1 faizdən 7,6 faizə enmişdir.
Ölkə iqtisadiyyatında mühüm yeri olan nəqliyyat infrastrukturu ötən 20 ildə tərəqqi dövrünü yaşamışdır. Nəqliyyatın bütün növləri ilə 1 ton yük üçün orta daşınma məsafəsi 165 kilometrdən 450 kilometrə çatmışdır. 2004–2011-ci illərdə nəqliyyat vasitələri və daşınmış yüklərin həcmi 1,7 dəfə artmışdır. Ötən il nəqliyyat sektorunun iqtisadi göstəricilərində ciddi artım müşahidə olunmuşdur. Bütün növ nəqliyyat vasitələri ilə əvvəlki ilə nisbətən 3,6 faiz çox yük daşınmışdır. Avropa-Qafqaz beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 54 milyon ton yük götürülmüşdür ki, bu da 4,3 faiz artım deməkdir.
Hesabat dövründə yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası, yol qovşaqları və keçidlərin inşası, avtomobil yollarının yenidən qurulması və tikintisi dövlət büdcəsi və digər sərmayələr hesabına davam etdirilmişdir. Azərbaycan regionun aparıcı dövləti olaraq neft-qaz sektorunda olduğu kimi, nəqliyyat sahəsində də transmilli layihələrin həyata keçirilməsinə xüsusi önəm vermiş və qloballaşan dünyada Xəzər–Qafqaz–Qara dəniz regionu üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi sürətlə davam etdirilmişdir. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən layihə, demək olar ki, yekunlaşmaq üzrədir. Bu layihə ölkəmizin günü-gündən möhkəmlənən iqtisadi qüdrətinin əyani göstəricisidir.
Avtomobil və dəmir yollarına birbaşa çıxışı olan ərazidə Azərbaycan və region üçün mühüm əhəmiyyət daşıyan nəhəng nəqliyyat qovşağının yaradılmasına şərait yaradacaq yeni dəniz ticarət limanının və gəmiqayırma zavodunun inşasına başlanılmışdır. Nəqliyyat sektorunun digər sahələrinin də 2011-ci ildə kifayət qədər inkişaf etdiyini əminliklə söyləmək olar.
Ötən il xüsusi diqqət yetirilən prioritet sahələrdən biri ekologiya və təbii ehtiyatlardan istifadə sektoru olmuşdur. Hesabat ilində investisiya proqramı çərçivəsində çoxsaylı layihələr həyata keçirilmişdir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün kompleks tədbirlər planı”nda nəzərdə tutulmuş obyektlərin layihələşdirilməsi və inkişafı il ərzində qrafik üzrə davam etdirilmişdir. Tədbirlər planının icraçısı olan Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi, “Azərsu” Səhmdar Cəmiyyəti və digər təşkilatlar planda nəzərdə tutulmuş tədbirləri həm də öz daxili vəsaitləri hesabına yerinə yetirir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, 2011-ci ilin uğurları və başlanmış işlərin sürəti nazirlik və komitələrin cari ildə də daha fəal olacaqlarına, qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəklərinə əsas verir. 2012-ci ildə nəzərdə tutulan işlərin icrasında mərkəzi icra hakimiyyəti orqanlarına uğurlar diləyir, hökumət üzvlərini, hörmətli həmkarlarımı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın qüdrətlənməsi yolunda onlara uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elton müəllim. Gülər Əhmədova buyursun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Əlbəttə ki, hökumətin verdiyi hesabata biz birmənalı şəkildə müsbət səs verəcəyik. Çünki artıq hər kəsin gözü önündə baş vermiş iqtisadi yüksəliş sübut edir ki, Azərbaycan çox doğru və düzgün bir siyasət aparır. Bu gün ölkəmizdə hər sahədə aparılan siyasətin qiymətini həm əhali, həm də seçicilərimiz verirlər. Onlarla bütün görüşlərimizdə insanların verdiyi qiymət bizim üçün vacibdir və biz bu qiyməti bu gün burada söyləməliyik.
Bununla yanaşı, müəyyən sahələrdə baş vermiş hadisələr var ki, bəlkə də onlar hökumət tərəfindən bir çox hallarda aktual mövzu olaraq görünmür. Bu mövzuları bu gün burada söyləmək, məncə, bizim borcumuzdur.
Heç kəs üçün sirr deyil ki, son illərdə Azərbaycanda uşaq hüquqları ilə bağlı çox ciddi işlər aparılır. Heydər Əliyev Fondunun sədri, həmkarımız hörmətli Mehriban xanımın uşaq hüquqları sahəsində fəaliyyəti, internat evlərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan uşaqların sağlamlığı, təhsili, yaşayışı ilə bağlı atdığı addımlar, əlbəttə ki, birmənalı şəkildə artıq model bir davranışa çevrilmişdir. Amma onu da demək lazımdır ki, biz əgər bu gün əlil uşaqlarla, valideyn himayəsindən məhrum uşaqlarla, istedadlı uşaqlarla bağlı çox yüksək səviyyədə işlər aparırıqsa, adi, sadə, normal uşaqların həyatında baş verəcək hadisələri bəlkə bir çox hallarda nəzərdən qaçırırıq.
Bu gün Azərbaycan uşaqlarının ideologiyasına təsir edən bir çox hadisələr var ki, biz onun acı nəticələrini yalnız 10-15 ildən sonra görəcəyik. Nədir bu hadisələr? Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin, televiziya kanallarının cəmiyyətə ötürdüyü elə informasiyalar var ki, birmənalı şəkildə uşaqlarda ciddi psixopatik halların artmasına, uşaq intiharlarının çoxalmasına, bir çox hallarda müxtəlif dini təriqətlərin və müxtəlif ölkələrin burada çox ciddi işləyən kəşfiyyat orqanlarının apardığı siyasətin qurbanlarına çevrilməsinə gətirib çıxarır.
Sadə bir misal demək istəyirəm. Bu gün mətbuatda bir çox hallarda heç bir həqiqətə uyğun gəlməyən materiallar dərc edilir və bunlar ciddi surətdə cəmiyyət tərəfindən müzakirə olunur. Mən özüm təəccüblə bir neçə dəfə ali təhsilli insanlar tərəfindən belə materialların ciddi surətdə müzakirə edildiyinin şahidi olmuşam. Bütün bu müzakirələr ailələrdə gedir, uşaqların yanında gedir.
Bu gün bir sıra ölkələrin orta məktəblərində media oxuma-yazma dərsləri keçilir. Bu media oxuma-yazma dərslərində qəzet səhifələrində dərc olunan, yaxud televiziyada göstərilən hər hansı bir informasiyanın doğru-düzgün qəbul olunması, sətirarası ifadələrin hansı yükü daşıdığı uşaqlara öyrədilir.
Azərbaycanda bu təcrübənin tətbiq olunmasının vaxtı bəlkə də çoxdan çatmışdır. Məktəblərdə media oxuma-yazma dərsləri mütləq keçilməlidir. Çünki sonsuz sayda reket jurnalistikasının qarşısını almaq, bu bəlanın qarşısında durmaq çox çətin məsələdir. Əgər biz məktəblərdə bu təcrübəni tətbiq etsək, ilk növbədə Azərbaycanın dövlət təhlükəsizliyi problemlərini müəyyən sahədə həll edə biləcəyik. Çünki bilirsiniz ki, bu gün Azərbaycanda müxtəlif dövlətlərin maliyyələşdirdiyi müəyyən materiallar dərc olunur və bir çox hallarda Azərbaycanın milli maraqları əleyhinə yönəldilmiş bu materiallar cəmiyyətdə ciddi surətdə müzakirəyə səbəb olur. Çoxları düşünürlər ki, bu, qəzetdə yazılıbsa, deməli, düzdür.
İkinci məsələ, əlbəttə ki, psixi sağlamlıq məsələləridir. Təəssüf ki, televiziyalarda çox tez-tez hətta xəbərlər proqramında zorlanma, başqa cinayətlər, işgəncə və intihar halları işıqlandırılır və bu da artıq psixopatik hallara gətirib çıxarır. Əgər məktəblərdə media oxuma-yazma dərsləri keçirilsə, uşaqlar bu informasiyanın nəyə görə və hansı reytinqin qazanılması üçün verildiyini, əlbəttə ki, başa düşərlər.
Başqa bir məsələ. Bu gün Azərbaycanda müəyyən dövlət qurumlarının apardığı işlər nəinki Azərbaycanda, beynəlxalq aləmdə belə ciddi surətdə təşəkkür hissi ilə qarşılanır. Məsələn, dünyada baş verən təbii fəlakətlər əgər Avropada, Amerikada birmənalı şəkildə çox ciddi problemlər yaratdısa və bu ölkələrdə təbii fəlakətlərin qarşısında dövlətlər bir çox hallarda aciz qaldılarsa, əslində, Azərbaycanda və digər qonşu ölkələrdə baş vermiş təbii fəlakətlər zamanı bizim Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər müxtəlif səfirlər tərəfindən, məsələn, bizim deputatlarımıza hətta təşəkkür hissi ilə bir neçə dəfə deyilibdir.
İkinci xoş bir hadisə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması oldu. Elan edildi ki, o, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti nəzdində fəaliyyət göstərəcək. Bu iki hadisənin arasında nə əlaqə var? Azərbaycanda son aylarda baş verən bu hadisələr göstərdi ki, biz bu sahələri güclü inkişaf etdiririk.
Lakin orta məktəblərdə təhsil alan uşaqlarımızın bu sahələrdən kifayət qədər kənarda qalması cəmiyyətdə heç də normal qarşılanmır. Hesab edirəm ki, sovet dövründə orta məktəblərdə mülki müdafiə ilə bağlı keçilən dərslər bu gün yenidən məktəblərə qaytarılmalıdır.
Məsələn, bir neçə həftə öncə Bakı Avropa liseyində yanğın oldu. Bu məktəbdə keçilən fənlərarası təlimin nəticəsi idi ki, yanğın zamanı uşaqlar özləri mütəşəkkil surətdə təxliyə olundular və məktəbdə heç bir can itkisi olmadı.
Amma mən bu gün burada həm təhsil nazirinin, həm də hökumət üzvlərinin olmasından istifadə edərək bir xahiş etmək istərdim. Bəli, ölkəmizdə kifayət qədər yeni məktəblər tikilib və bu da birmənalı şəkildə Azərbaycan təhsilinin uğurlarından biridir. Amma təəssüflə demək istəyirəm ki, bu gün Bakının mərkəzində yerləşən və çox ciddi, gözəl nəticələr göstərən Bakı Avropa liseyinin binası həddindən artıq köhnəlib. Həmin qəza onu göstərdi ki, bu məktəbdə istənilən vaxt hər hansı bir ciddi faciə baş verə bilər. Binanın bütün kommunikasiya xətləri o vəziyyətdədir ki, hər hansı bir yanğın və ya digər xoşagəlməz hadisə, – Allah göstərməsin, – uşaqlarımız arasında can itkisinə də səbəb ola bilər.
Ona görə iki məsələni bu gün hökumətdən xahiş eləmək istəyirəm. Birincisi, bu məktəblə bağlı konkret qərar verilsin. Məktəb ya yenidən bərpa olunsun və tikilsin, ya da ona yeni bir bina verilsin. İkinci xahişim ondan ibarətdir ki, məktəblərə media oxuma-yazma və mülki müdafiə fənləri gətirilsin. Bu iki məsələ bu gün birmənalı şəkildə həll olunmalıdır.
Seçicilərimizin qaldırdığı ən aktual məsələlərdən biri də son illərdə Azərbaycanda mənzil tikintisi sahəsində çiçəklənməyə başlamış cinayətkarlıq, konkret desək, insanların aldadılmasıdır. Ona görə mən hesab edirəm ki, bu gün tikinti sektoruna gələn hər bir şirkət tərəfindən mənzil tikintisinin sığortalanması məsələsi aktuallaşmalıdır. Biz əgər hər hansı bir mənzili binanın ilk daşı qoyulandan almaq niyyətindəyiksə, həmin evlərin, həmin mənzillərin sığortalanmasını bu binanı tikən şirkətlərdən tələb eləməliyik. Bu gün kifayət qədər şirkətlər var ki, onların yarıtmaz fəaliyyəti nəticəsində yüzlərlə insan müxtəlif dövlət qurumlarına şikayət ərizələri ilə müraciət edir. Bu da, əlbəttə ki, cəmiyyət daxilində...
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputat həmkarlarım! Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, insanların gündən-günə bir məqsəd ətrafında birləşməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasına göstərilən cəhdlər, qarşılıqlı anlaşma, demokratik prinsiplərin möhkəmləndirilməsinə yönələn səylər qazandığımız nailiyyətlərin əsasıdır. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu iqtisadi-siyasi bünövrə hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən ildən-ilə möhkəmlənir.
Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf edən ən qüdrətli ölkələrdən birinə çevrilir. Xalqımızın səsi ən mötəbər kürsülərdən eşidilir. Bir vaxtlar heç bir ünvanda öz yeri və dəst-xətti olmayan respublikamızın adı indi Birləşmiş Millətlər Təşkilatının üzvləri sırasında çəkilir. Əldə olunan uğurlar ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla hökumətin üzvlərinin, hər bir vətəndaşın gərgin əməyinin bəhrəsidir. Bu bəhrələri əldə edənlərə xalqımızın hörmət və ehtiramı böyükdür.
Mən də Nazirlər Kabinetinin 2011-ci ildəki fəaliyyətini təqdir edir, təqdim olunan hesabatı yüksək qiymətləndirirəm. Bu hesabat uğurlarımızı, qəlbimizdən keçənləri, xoş amalları özündə əks etdirməklə həm də gələcək işlərimizin istiqamətləndirilməsinə imkan verir. Son illər deputatların irəli sürdükləri təkliflərin ümumiləşdirilərək həyata keçirilməsi üçün ciddi səylər göstərilməsini, icra vəziyyətinin aylıq şərh edilməsini faydalı hesab edirəm və bu sahədə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.
Mən hesabatda göstərilən faktlara müraciət etmək fikrində deyiləm, çünki ölkədə aparılan uğurlu siyasət, iqtisadi, sosial, mədəni inkişaf bütün regionlarda olduğu kimi, təmsil olunduğum Ağcabədi rayonunun timsalında da özünü aydın göstərir. Rayonda yol, qaz, işıq və su problemlərinin aradan qaldırılması sahəsində ciddi tədbirlər həyata keçirilir. Tikinti, abadlıq, quruculuq işləri gündən-günə genişlənir, yeni iş yerləri açılır. Sahibkarlıq inkişaf edir.
Son illər rayonda böyük iqtisadi göstəricilərin qazanılmasına imkan verən iri emal müəssisələri, insanların mənəvi tələbatını təmin edən mədəniyyət ocaqları, yeni yaşayış binaları, ictimai iaşə obyektləri tikilib istifadəyə verilmişdir. Bu gün rayonda 205 çarpayılıq müasir tipli xəstəxana, olimpiya idman kompleksi, yeni məktəblər inşa edilir. Son bir neçə ildə Ağcabədidə 30-dan çox yeni məktəb tikilib istifadəyə verilmiş və təmir edilmişdir. Yalnız 2011 və 2012-ci illərdə 16 məktəbin və bir uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur ki, bu da insanlara, təhsilimizə göstərilən qayğı və diqqətdən xəbər verir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Ötən il cənab İlham Əliyev iki dəfə Ağcabədidə olmuş, bir neçə tikinti obyektinin açılışında, təməl qoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı dekabr ayında özünün ən əziz günlərindən birini – doğum gününü Ağcabədidə qaçqın və köçkünlərlə birgə keçirmişdir. “Bu günləri sizinlə bir yerdə olmaq, bir keçirmək mənə çox xoşdur, siz mənim ailəmsiniz” deməklə Prezidentimiz Azərbaycanın hər bir vətəndaşının Prezidenti olduğunu, qəlbinin daim Qarabağla, qaçqın və köçkünlərin taleyi ilə döyündüyünü bir daha sübut etdi. Bunun üçün hər birimiz ölkə rəhbərinə ürəkdən minnətdarıq.
Xalqımızın Heydər Əliyev ideyalarına məhəbbəti, cənab İlham Əliyevə hörmət və ehtiramı tükənməz və sonsuzdur. Ancaq Prezidentimizin həyata keçirdiyi taleyüklü məsələlərin, genişmiqyaslı sosial-iqtisadi mədəni tədbirlərin, böyük nailiyyətlərin kölgəsində gizlənmək, insanlara etinasız yanaşmaq, onları incitmək, dövlətdən narazı salmaq, təkəbbürlük etmək, şəxsi mənafeyi ictimai mənafedən qat-qat üstün tutmaq heç bir vəzifəli şəxsə yaraşmaz. Çox təəssüflər olsun ki, aramızda belə vəzifə sahibləri, məmurlar vardır. Xalqa xidmət etmək üçün kreslo əldə edib ancaq insanları bəyənməyən, dünən dediyini bu gün danan, ikili mövqe tutan, amalı ara qarışdırmaq, süründürməçilik olan bəzi vəzifə sahibləri, elə bilirəm ki, dövlətdən əvvəl özlərinə zərbə vururlar, özlərinə yamanlıq edirlər.
Sürətli sosial-iqtisadi inkişaf hər bir ölkədə müəyyən problemləri, yenilikləri də ortaya qoyur ki, bu da təbiidir. Bu hal insanların artan, yüksələn tələbatından irəli gəlir. Bu baxımdan Ağcabədidə su, kanalizasiya sisteminin yenidən qurulmasına başlamağın vaxtı çatmışdır. Xankəndində əsası qoyulmuş pedaqoji institutun bazası əsasında formalaşan və bu gün texniki peşə məktəbinin binasında yerləşən Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı üçün yeni, müasir tipli binanın tikintisinə böyük ehtiyac vardır. Binanın tikintisi və filialın genişləndirilməsi region, burada oxuyan gənclər və pedaqoji kollektiv üçün çox gərəklidir və bütün ağcabədililərin arzusudur. Elə bilirəm ki, hörmətli Baş nazirimiz cənab Artur Rasizadə insanların və tələbələrin arzusunu reallığa çevirmək üçün öz köməkliyini əsirgəməyəcəkdir. Artur müəllimə respublikamızın inkişafı üçün göstərdiyi səylərə görə öz minnətdarlığımı bildirirəm. Mən hökumətin hesabatını məqbul hesab edir və hökumət üzvlərinə gələcək işlərində daha böyük uğurlar arzulayıram. Onları qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
Birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli cənab Baş nazir, hörmətli Milli Məclis və hökumət üzvləri! Mən hökumətin 2011-ci ildə fəaliyyətini qiymətləndirməzdən öncə Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər nazirinin iki müxalif siyasi partiya ilə görüşünə öz etirazımı bildirmək istəyirəm. Əlbəttə, protokollar səfirliklərin hökumətlə razılaşmaları əsasında müəyyənləşir. Amma nəzərə alın ki, bu, beynəlxalq tendensiyaya çevrilib. On illər boyudur ki, Azərbaycandan iqtisadi pay qoparmaq və ya siyasi konfiqurasiyamıza təsir eləmək üçün daxili təzyiq alətləri işlənib hazırlanıbdır. Əlbəttə, bu, heç bir qüvvəyə siyasi nəfəslik verib onları Azərbaycanın siyasi həyatında aktiv bir səviyyəyə çatdırası deyil. Onsuz da həmin partiya rəhbərləri axşam çörəyini səfirliklərdə yeyirlər. Mən bunu obrazlı deməyi özüm üçün çox da qəhrəmanlıq saymıram. Amma təəssüf ki, belədir. Mən çox arzulayıram ki, səfirlik bu görüşün ümumi mahiyyəti, tezisləri ilə bağlı cəmiyyətə öz diplomatik missiyasına uyğun məlumatlar versin. Bir daha vurğulayıram ki, Qarabağ icmasının hər hansı bir nümayəndəsi ilə görüşməyibdir. Azərbaycanın xarici siyasətinə təsir eləmək lazım gələndə hər hansısa bir qüvvə dirçəldilir və görüşlər təşkil olunur.
İkinci, 2011-ci ilin hesabatını dəyərləndirərkən, heç şübhəsiz, bir mühüm məqamı xüsusi vurğulamalıyıq. Dünyada böhranın dövlətləri sürütdüyü bir dönəmdə, yəni 2011-ci ildə Azərbaycan özünün müstəqilliyini, iqtisadi sərbəstliyini qorudu, meydanını genişləndirdi. Bu çox mühüm məqamdır və düşünürəm ki, hər birimiz bu siyasəti dəyərləndirir və ona daha üstün qiymət veririk. Heç şübhəsiz ki, bu, ölkə başçısının çevik qərarları hesabına mümkün oldu.
Buradaca xüsusi vurğulamaq istəyirəm və kimsə bundan narahat olmasın. Bu ölkənin ayaq üstə durmasının başlıca səbəbi cənab Prezidentə olan milli və beynəlxalq münasibətdir. Ayrı-ayrı hökumət, bəzən də parlament üzvlərinə münasibətdə insanlarımızın narazılığı və narahatçılığı var və hər kəs fəaliyyətində bunu nəzərə almalıdır.
Burada müsbət məqamlar çox deyilib və bizə verilən sənəddə də yazılıb. Mən istərdim ki, 2011-ci ildə yerinə yetirilməsini arzuladığımız və həm də cənab Prezident tərəfindən tapşırılmış məsələləri burada bir daha vurğulayım. 2011-ci ilin əvvəllərində cənab Prezident müşavirədə əmlakların rəsmiləşdirilməsi məsələsini qoydu. Düşünürəm ki, bununla bağlı qanun layihəsi hazırlanmalı və bu məsələ öz həllini tapmalı idi. Təəssüf ki, bu problem sona qədər həllini tapmadı. Mülkiyyət toxunulmazlığı məsələsində xeyli problemlərimizin olduğu hələ də ortadadır. Biz onu müqəddəs dəyərə çevirə bilməmişik. Bu, iqtisadi sabitliyə təsir göstərən bir amildir. Mən çox arzulayıram ki, bizim qanunla müəyyənləşdirdiyimiz prinsiplərə ciddi əməl olunsun və biz köçürülməni, “köçkünlük” anlayışını həyatımıza daxil eləməyək. Çox təəssüf ki, bu problemdən öz marağı üçün faydalananlar, bunları əvvəlki qaçqınların sırasına qatıb onların hüquqlarının müdafiəsi adı altında hakimiyyətə qarşı böyük bir siyasət aparan insanlar var. Biz bunlara, necə deyərlər, qida verməmək üçün işimizi elə qurmalıyıq ki, sadəcə, “kvadratmetrə 1500 manat verdim və məhkəmə qərarı olmadan buyur, köç” siyasəti işləməsin.
Mən ölkənin valyuta ehtiyatları ilə bağlı məsələyə toxunmaq istəyirəm. Əlbəttə, bu, ayrıca söhbətin mövzusudur və cənab Prezidentin komandasında bu sahəni bilən kifayət qədər peşəkarlar var. Ölkənin valyuta ehtiyatı və büdcəsi arasındakı bu nisbət, proporsiya nə qədər olmalıdır? İndi bizdə iki dəfə artıqlıq şəraitidir. Bu vəsaitin xarici banklarda, necə deyərlər, çeşidini dəyişib avroda və ya digər maliyyə vahidlərində saxlanması dövlətin siyasətidir. Amma bunun orada saxlanması doğrudurmu, düzgündürmü? Baxın, son dövrlər qlobal iqtisadi böhrandan bir çıxış yolu tapılıb; bu da inqilablardır. O pullar ölkələri sanki beynəlxalq aləmin əlində girova çevirir. Mən elə hesab edirəm ki, bunun, sadəcə, istiqamətini dəyişmək, qızıla çevirmək və vəsaitləri ölkədaxili iqtisadi proseslərə qoşmaq lazımdır. Bir daha vurğulamaq istəyirəm ki, o maliyyə vəsaitləri müxtəlif ölkələrin əlində təzyiq alətidir.
Eyni zamanda, 2011-ci ildə müzakirə zamanı kənd təsərrüfatı məhsullarına xaricdən asılılığımız məsələsinə son qoyulması üçün daha fəal büdcə siyasəti yürüdülməsini arzulamışdıq. Vurğulamışdım ki, düyüdə 80 faiz, yarmada 76 faiz, bitki yağlarında 85 faiz, şəkər tozunda, qənnadı məmulatlarında 81 faiz idxaldan asılı olmağın özü çox ciddi problemlər doğurmaqdadır. Ölkənin məhsuldar əraziləri var. Biz bu problemləri həll eləyə bilərik. Düşünürəm ki, bu məsələlər də 2012-ci ilin vəzifələri sırasında olmalıdır.
Hörmətli Fazil bəy korrupsiya probleminə toxundu. Heç kim şübhə eləməsin ki, 2011-ci ildə mübarizə əvvəlki dönəmdən daha fərqli miqyasda başlanmışdır. Bunun, həqiqətən, ölkənin maraqlarını, təhlükəsizliyini təhdid eləyən bir problemə son qoyacağına hər kəsdə əminlik vardır. Lakin sonra nə baş verdi? Mən istəyirəm, onu burada vurğulayam. Korrupsiya, əslində, bir siyasət deyil, sadəcə, beynəlxalq terror kimi şəbəkələşmiş problemdir. Bu bir qurumun, inzibati təşkilatın fəaliyyəti deyil. Baxın, 2010-cu ilin seçkilərində meydanlarda aksiyalar yox idi. 2011-ci ildə çirkli pulların sahibləri sanki o gəncləri diriltməklə, müxtəlif qüvvələri metrodan aksiyalara gətirməklə özlərini qoruyub saxladılar. Ona görə hər kəsin bu siyasətdə fəaliyyət aparması da çox önəmli idi.
Bir neçə təklifimi də demək istəyirəm. Mən ötən dəfə əhalinin sıxlığını, Bakıda universitetlərin çoxluğunu və köçürülmələrin xeyrə işləyəcəyini nəzərə alaraq Qarabağda – Bərdədə bir universitetin yaradılmasını təklif eləmişdim. Bu gün də o fikirdə qalıram və hesab edirəm ki, bu, 2012-ci ilin vəzifələri sırasında olmalıdır. Mən bu hesabata səs verəcəyəm. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri! Deputat həmkarlarım bir sıra məsələlərə toxundular, bunları təkrar etmək istəmirəm. Hesabatı müsbət dəyərləndirirəm. 2011-ci ildə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan hökuməti, bütövlükdə Azərbaycan xalqı sosial, iqtisadi, siyasi və beynəlxalq sahədə çox ciddi uğurlara imza atıb və biz indi Azərbaycanın sosial-iqtisadi inkişafına 2020-ci ildən baxırıq. Prezidentimizin “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası” ilə bağlı xüsusi sərəncamı olub. Doğrudan da, Azərbaycanın hədəfləri də, vəzifələri də bəllidir.
Bizim ən başlıca hədəfimiz inkişaf etmiş ölkələr sırasına qatılmaqdır. Biz artıq bu hədəfə yaxınlaşmaqdayıq. Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf etmiş 20 ölkə sıra-sına və onların toplantısına dəvət edilibdir. Bu da təsadüfi deyil. Bu, Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə qazandığı uğurdur. Bu uğurların nəticəsidir ki, bu gün artıq bütün beynəlxalq təşkilatlar Azərbaycanı bu və ya digər tədbirlərə dəvət edirlər. Bu, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin yüksələn xətt üzrə inkişaf edən nüfuzudur.
Bununla bərabər, Azərbaycan iqtisadiyyatının da nüfuzu artır. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycana məxsusdur. Azərbaycan manatı bu bölgənin, xüsusi ilə MDB-nin ən dəyərli valyutalarından birinə çevrilmişdir və indi qonşu ölkələrdə (Ermənistan istisna olmaqla) Azərbaycan manatı ilə sərbəst alış-veriş həyata keçirilir. Bu onu göstərir ki, Azərbaycan manatı bütövlükdə dünyanın dəyişən və möhkəmlənən valyutaları sırasında özünün mövqelərini daha da möhkəmləndirəcəkdir.
Hesabatla əlaqədar bir məqamı qeyd etmək istəyirəm. Təqdim edilən bu hesabatlarda ildən-ilə daha çox səriştəlik özünü göstərməkdədir. Ötən il biz burada bir sıra məsələlər qaldırmışdıq. Çox gözəldir ki, hökumət builki hesabatında ötən il qaldırılan məsələləri ayrılıqda verib və həmin məsələlərlə bağlı gördüyü və görmək istədiyi bu və ya digər fikirlər orada öz əksini tapıbdır.
Ötən il hesabat zamanı Şəmkirdən seçilmiş deputat olaraq rayonun Kür qəsəbəsində yolun yenidən qurulması ilə əlaqədar təkliflə çıxış etmişdim. Bununla əlaqədar Şəmkir seçicilərinin məktublarını Nəqliyyat Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə ünvanlamışdım. Artıq Prezidentimizin sərəncamı ilə Kür qəsəbəsinə çəkilən yola vəsait ayrılıb. Sərəncamdan sonra seçicilərimin mənə çoxsaylı müraciətləri olub. Onlar Prezidentimizə, eyni zamanda, bu işdə əməyi keçən hökumət üzvlərinə təşəkkür edirlər.
Mən hesab edirəm ki, hökumətin qaldırılan məsələyə bu cür operativ yanaşması parlamentlə hökumət arasındakı əlaqələrin ən bariz nümunələrindən biri ola bilər. Ümumiyyətlə, parlament qanunvericilik sahəsində öz üzərinə düşən funksiyaları, hökumət də qəbul etdiyimiz qanunları, büdcəni yüksək səviyyədə yerinə yetirməkdədir.
Burada müxtəlif məsələlər üzrə təkliflər irəli sürülür. Mən təhsil sahəsi ilə bağlı bəzi fikirlərimi səsləndirmək istəyirəm. Biz təhsil sahəsində çox ciddi uğurlara imza atmışıq. Azərbaycanda yeni məktəblər tikilib, yeni universitetlər açılıb, bütövlükdə Azərbaycan təhsilinin səviyyəsi yüksəlib. Lakin bu gün Azərbaycanda təhsilin qarşısında ali təhsillə, təhsilin maliyyələşdirilməsi ilə bağlı məsələlər var.
Dünyanın ən inkişaf etmiş ölkələrində belə dövlət, hökumət təhsili tam şəkildə öz üzərinə götürmür. Amerika Birləşmiş Ştatlarını, Fransanı, Böyük Britaniyanı, qardaş Türkiyəni, Yaponiyanı götürək. Bu ölkələrdə təhsili dövlət istiqamətləndirir, əlaqələndirir, maliyyələşdirir, amma təhsildə bir paylaşma sistemi vardır. Yəni hüquqi, fiziki şəxslər, eyni zamanda, ayrı-ayrı adamlar özəl təhsil sistemi açırlar. Xüsusilə orta məktəblərə geniş yer verilir. Mən hökumətimizin bu sahədə ciddi addımlar atmasını istərdim, çünki əgər biz təhsili tam şəkildə dövlətin üzərində saxlasaq, ən güclü büdcəyə malik olan ölkə belə bunu tam şəkildə həyata keçirə bilməz. Ona görə bizdə orta məktəb müəllimlərinin əmək haqqı aşağıdır. Hər dəfə də müəllimlərin əmək haqqı, müəllimlərin sayı ilə şagirdlərin nisbəti məsələləri gündəmə gəlir.
Biz orta məktəblərin tikintisinə diqqət yetirməli, xüsusilə fiziki və hüquqi şəxslərin bu sahədə işini stimullaşdırmalıyıq. Onlar vergidən azad olunmalıdırlar və bu şəxslərə müxtəlif vasitələrlə güzəştli kreditlər verilməlidir. Eyni zamanda, rayon, şəhər mərkəzlərində, xüsusilə Bakı, Sumqayıt, Gəncə şəhərlərində onlar üçün torpaq sahələri ayrılmalıdır. Biz buna getsək, təhsilin ən azı 30 faizini hüquqi və fiziki şəxslərin sərəncamına keçirə bilərik, Təbii ki, burada Təhsil Nazirliyi təhsilin koordinasiyasını öz əlində saxlayacaqdır. Bununla da biz tədricən büdcədən bir qisim vəsaiti azad etmiş olacağıq. Eyni zamanda, bu vəsaitin hesabına dövlət məktəblərində əmək haqqını artıra, kəmiyyət-keyfiyyət artımı ilə bərabər, rəqabət şəraitini də yüksəldə biləcəyik. Hesab edirəm ki, bu sahədə ciddi düşünmək lazımdır.
Biz “Təhsil haqqında” Qanun qəbul eləmişik və orada bu müddəalar, bu məqamlar öz əksini tapıb. Amma son illərdə özəl məktəblərin hüquqi və fiziki şəxslər tərəfindən tikintisi məsələsinin statistikasına baxsanız, çox cüzi bir rəqəm görərsiniz. Azərbaycanda özəl sahə ən çox gəlir gətirən sahədir. Əgər təhsildə də güzəştli sistem tətbiq eləsək, əldə edilən gəlir heç də ticarətdən və digər sahələrdən əldə olunandan geri qalmayacaq. Bu gün Azərbaycanda ayrı-ayrı ölkələrin özəl təhsil məktəbləri var. O məktəblərin təhsil haqlarına fikir verin. Onlar hər ay şagirddən 500–600 manat, elələri də var ki, hətta 1000 manata qədər təhsil haqqı alır, vergisini də ödəyir. Biz özümüz bunları artırsaq, həm orada qiymətlər aşağı düşə bilər, həm də bayaq dediyim məqamları həll etmiş olarıq.
Ötən büdcənin və hökumətin hesabatının müzakirəsində deputat Əli Əhmədov sosial evlərin tikintisi məsələsini qaldırmışdı. Hesab edirəm, hökumət bunun üzərinə qayıtmalı, sosial evlər tikilməlidir. Eyni zamanda, Bakı şəhərindəki yarımçıq tikililərin məsələsinə baxılmalıdır. Həmin mənzillər inventarizasiya olunmalı, dövlət tərəfindən onları tikə bilməyən şirkətlərdən alınmalı və sosial tikinti obyektləri kimi orada iş davam etdirilməlidir.
Deputat Zahid Oruc Almaniyanın xarici işlər nazirinin səfərinə toxundu. Bəli, biz ayrı-ayrı ölkələrlə əlaqə saxlayırıq və 125 ölkə ilə münasibətlərimiz var. Ayrı-ayrı ölkələrin səfirlərinin, xarici işlər nazirlərinin Azərbaycanın QHT-ləri, siyasi partiyaları ilə görüşlərində qəbahət yoxdur. Lakin xarici işlər nazirinin görüşü qapalı olursa, onun haqqında informasiya vermirsə, əlbəttə, bu, yolverilməzdir. Bu, daxili işlərə müdaxilədir.
Azərbaycan müstəqil ölkədir, müstəqil siyasət yeridir. Azərbaycanın inkişafından, güclənməsindən əndişələnən qüvvələr ölkəmizin daxilinə nüfuz eləmək üçün ölkədə beşinci kolon yaratmaq istəyirlər. Beşinci kolonu yaratmaq istəyəndə isə təbii ki, gizli görüşlər keçirilir və bunlar da haqlı narazılığa səbəb olur. Mən də buna qəti şəkildə etirazımı bildirir və bütövlükdə Almaniya səfirliyinin Bakıdakı fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm. Təbii ki, bu, hökumətin hesabatından kənara çıxan bir məsələdir və mən bunu media üçün deyirəm. Düşünürəm ki, səfirlikdə də bunu başa düşəcəklər. Səfirlik viza məsələsində də qanunsuzluğa yol verib. Bütövlükdə hesabatı müdafiə edirəm və hökumətə uğurlar arzulayıram. Mən də onların bayramlarını təbrik edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, media mənsubları, xanımlar və cənablar! Hamınızı Novruz bayramı münasibətilə təbrik edir, həyatın bütün sahələrindəki fəaliyyətlərinizdə uğurlar arzulayıram. 2011-ci ilin hesabatı cənab Baş nazirin çıxışında və bizə təqdim olunan kitabda geniş şəkildə öz əksini tapıb. Orada qaldırılan məsələləri və bütün müsbət meyilləri bölüşürəm. Hesab edirəm ki, 2011-ci ildə Azərbaycanda həm istehsal, həm maliyyə sahəsində, həm də sosial sferada kifayət qədər ciddi işlər görülmüşdür.
Eyni zamanda, 2011-ci ilin göstəriciləri ətrafında fikir yürüdən zaman bir məqamı qeyd eləmək lazımdır. 2011-ci ildə Azərbaycanda əhali 1,3 faiz, amma təsərrüfat fəaliyyətinin keyfiyyət xarakteristikasını əxz etdirən ümumi daxili məhsul 0,1 faiz artıb. Azərbaycanda artan insanların minimum tələbatını ödəmək üçün isə ən azı 4 faiz iqtisadi artım zəruridir. Bu nöqteyi-nəzərdən yanaşanda 4 faizdən aşağı artım Azərbaycanda staqnasiyadır.
Amma mən bunu staqnasiya adlandırmıram. Obyektiv təhlil aparsaq, məsələyə qeyri-neft sektorunda 9,4 faiz artım kontekstindən yanaşmaqla fikir yürütsək, 2011-ci ilin göstəricilərini iqtisadi artımın staqnasiya ilə balanslaşdığı il kimi səciyyələndirmək olar. Eyni zamanda, əgər biz 2005–2007-ci illərdə iqtisadi artım tempinə görə dünyada birinci yeri tuturduqsa, indi Azərbaycanın potensialına uyğun olmayan bir yerə düşmüşük. Hesab edirəm ki, bu haqda da fikirləşməyə ehtiyac var.
Son 15 ildə MDB-nin orta artım tempindən geri qalmamışıq. 2011-ci ildə isə MDB-də iqtisadi artım tempi 4,7 faiz, dünyada 3–4 faiz, bizdə isə 0,1 faiz olub. İlin birinci iki ayının göstəriciləri göstərir ki, proses davam edir. Hesab edirik ki, bu istiqamətdə tendensiyaların 2012-ci ildə də davam etməsinin qarşısını almaqdan ötrü, istehsalın artırılması istiqamətində ciddi islahatların aparılmasına ehtiyac var. Xüsusən də yeyinti və yüngül sənayenin köhnə stereotiplər əsasında yox, elm tutumlu sahə kimi inkişaf etdirilməsinə böyük ehtiyac var.
Adambaşına ayda 5 manatlıq qida məhsulu, 1 manatlıqdan az yüngül sənaye məhsulu istehsal edirik. Bu o deməkdir ki, biz sərvətlərimizi satıb əldə etdiyimiz vəsaitin bir hissəsini ekoloji cəhətdən insan orqanizmi üçün təhlükəli olan geni dəyişmiş məhsulların alınmasına sərf edirik. Uzun müddət belə davam edərsə, bu, Azərbaycan iqtisadiyyatında yeni ciddi risklərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu istiqamətdə stimullaşdırıcı tədbirləri artırmaq lazımdır. Bu, inzibati yolla mümkün deyil. Sadəcə, qeyd elədiyim sahələrdə elə şərait, elə mühit yaratmaq lazımdır ki, ora qoyulan hər manat ticarət vasitəsilə alınan məhsula qoyulan manatdan daha çox gəlir gətirsin. Bu zaman həmin sahədə artıq stimullaşdırıcı işlər gedəcək.
İkinci risk inflyasiya ilə bağlıdır. 0,1 faiz artım şəraitində, ötən il Azərbaycan iqtisadiyyatında heç bir ciddi problem olmayan bir vaxtda 8 faiz inflyasiya haradan olub? Onun 2,5 faizi xaricdən gətirilən məhsullardan, təqribən bir o qədəri Azərbaycan iqtisadiyyatında gedən proseslərdən, qalanı isə süni surətdə qiymətin artırılmasından əmələ gələn inflyasiyadır ki, bu da iqtisadiyyata sərmayə qoyuluşuna, bank faiz dərəcələrinin aşağı düşməsinə mane olur və sair. Birmanatlıq məhsul istehsal eləmədən, xaricdən birmanatlıq məhsul gətirmədən süni surətdə qiymətin bircə faiz artırılması ilə 150 milyon manata qədər zəhmətsiz gəlir əldə edilir. Müqayisə üçün təkcə onu demək olar ki, məsələn, Gəncə, Sumqayıt kimi şəhərlərin bu il gəliri 50 milyon manat, respublika tabeliyində olan 8 şəhərin gəliri 142 milyon manat olacaq. Hələ 1 faizdən söhbət gedir. Hesab edirəm, əmanətlərin qaytarılması kontekstində o pulların məhz kiçik bir qrupun cibinə yox, xalqın rifahının yaxşılaşdırılmasına yönəlməsindən ötrü hökumət, sözün həqiqi mənasında, antiinflyasiya tədbirləri və süni qiymət artımının qarşısını almaq istiqamətində addımlar atmalıdır.
Qaldırmaq istədiyim digər məsələ sosial sahə ilə bağlıdır. 20 il bundan əvvəl Azərbaycanda adambaşına neft hasilatı Rusiyadan aşağı olan zaman Azərbaycanda ümumi daxili məhsulun 52 faizi, Rusiyada isə 44 faizi əmək haqqına gedirdi. İndi Azərbaycanda adambaşına 5 ton, Rusiyada isə 4 tondan az neft istehsal edilir. Bunun müqabilində ümumi daxili məhsulda əmək haqqının payı Rusiyada 50 faiz, bizdə isə 17 faizdir. Bu nisbət, hesab edirəm ki, Azərbaycan şəraitində, bu potensialda heç bir tənqidə sığmır. Bu nisbətin dəyişdirilməsi istiqamətində addımlar atılmalıdır.
Hörmətli Baş nazir, iki il bundan qabaq Sizə 52 istiqamət üzrə məktub yazmışdım. Sizə təşəkkür edirəm ki, həmin məktuba çox böyük diqqət yetirdiniz, qaldırılan sosial problemlərin həlli istiqamətində göstərişlər verdiniz. Amma mən statistikanı demək istəyirəm. İki məktəbin tikintisi, bir xəstəxananın yenidən qurulması və bir kəndə qaz verilməsindən başqa qalan məsələlər yenə də həll olunmamış şəkildə qalır. Şəkinin 63 kəndinin cəmi 17-si, yəni 27 faizi qazla təchiz olunub. Azərbaycan üzrə isə qazlaşdırma 80 faizdən yüksəkdir. Hesab edirəm ki, Şəkidə qaz təchizatının bu səviyyədə saxlanılması yolverilməzdir. Bu, ciddi sosial problemlər yaradır və bunun aradan qaldırılması üçün addımlar atılmalıdır. Şəki regionunda təhsili inkişaf etdirməyin ən yaxşı yollarından biri Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının bazasında güclü bir universitetin yaradılmasıdır. Belə olarsa, artıq o regionun əhalisi Bakıya gəlməz, Şəkidə təhsil alar. Bu həm də regionda elm və təhsilin inkişafına böyük təkan vermiş olar.
Mən hesab edirəm ki, hesabat kifayət qədər yüksək səviyyədə hazırlanıb, görülən işlər də məqbuldur. Hamını təbrik edirəm, hökumətə və Milli Məclisə fəaliyyətlərində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Saat 4-ə kimi tənəffüs elan edilir.


(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Müzakirəni davam edirik. Jalə Əliyeva buyursun.
J. Əliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hamımız hökumətin hesabatı ilə tanışıq və hörmətli Artur müəllimin də əhatəli çıxışını dinlədik. Cənab Baş nazirin sadaladığı statistik rəqəmlərin hər birinin arxasında, təbii ki, böyük nailiyyətlər, ölkə başçısı cənab İlham Əliyevin birbaşa tövsiyələri və rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasət, ciddi fəaliyyət, böyük əzmkarlıq dayanır.
Dövlət başçısının sədrliyi ilə yanvarın 16-da keçirilən Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyevin söylədiyi kimi, 2011-ci ildə ölkənin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilmişdir.
2011-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə də zəngin oldu. Müstəqilliyin bərpasının 20-ci ildönümünü qeyd edən ölkəmiz ötən müddətdə əsrə bərabər inkişaf yolu keçərək dünyanın ən sabit və dinamik inkişaf edən dövləti kimi mövqeyini daha da möhkəmləndirdi. Ötən il Azərbaycan dünya xəritəsində özünə layiqli yer tutduğunu bir daha təsdiqləyərək 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu hadisə Azərbaycan dövlətinin siyasi qələbəsidir.
Ötən il Azərbaycan “Eurovision–2011” mahnı müsabiqəsində Avropanı fəth edərək ölkəmizi bütün dünyaya tanıtdı və Azərbaycan bu mötəbər yarışa ev sahibliyi etmək hüququ qazandı. Ölkəmizin uğurları o qədər çoxdur ki, onların haqqında danışmaq üçün saatlar kifayət etməz.
Vaxt məhdudluğunu nəzərə alaraq seçicilərimi düşündürən məsələləri tezislər şəklində Nazirlər Kabineti üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Ötən il Kürün daşması nəticəsində deputatı olduğum Zərdab rayonu da bundan xeyli zərər çəkdi. Vətəndaşlar suyun altında qalan əkin sahələri üçün kompensasiya ödənilməsini xahiş edirlər.
Eyni zamanda, bu daşqın zamanı çox sayda evlərə, təhsil müəssisələrinə, məktəblərə ziyan dəyib. Rayonda bir neçə məktəbin, xüsusilə də Təzəkənd kənd orta məktəbinin yararsız vəziyyətə düşmüş binasının yenidən təmir edilməsinə və ya əsaslı şəkildə yenidən tikintisinə ehtiyac var.
1987-ci ildə tikilən və bu günə qədər bir dəfə də təmir olunmayan rayon mərkəzi xəstəxanası və poliklinika binalarının əsaslı təmirinin plana salınmasını xahiş edirik. 1970-ci illərdə tikilmiş mədəniyyət evinin də yenidən təmir edilməsinə ehtiyac var. Kanalizasiya sisteminin çəkilişi və şəhərin içməli su xəttinin yenidən qurulması işlərinin sürətləndirilməsi üçün tədbirlərin görülməsini xahiş edirik. Bir də, rayonun kəndlərinə qaz xəttinin çəkilməsi işinin də sürətləndirilməsinin nəzərə alınmasını istərdik.
Rayonun Çallı və İsaqbağı kəndlərində məktəb binalarının tikilməsinə, Məlikumudlu və Körpükənd kəndlərində müvafiq kontingentin olmasını nəzərə alaraq uşaq bağçasının açılmasına köməklik göstərilməsini xahiş edirik. Rayonda məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları peşə liseyinin binasının da əsaslı təmir olunmasına ehtiyac yaranmışdır.
Təqaüdçülərin çoxsaylı müraciətlərini nəzərə alaraq rayonun ərazisində ən azı iki yerdə – Məmmədqasımlı və Qaravəlli kəndlərində bankomatların quraşdırılmasını xahiş edirik. Ucar rayonunun Xələc, Lək və Bərgüşad kəndlərində də bankomatların quraşdırılması üçün təqaüdçülər mənə müraciət edirlər. Bu kəndlərdən Xələc və Lək bir-birinə çox yaxındır və iki kənd üçün bir bankomat yerləşdirilsə, bu ehtiyacı ödəmək olar. O biri kəndlərdən və eyni zamanda, şəhər mərkəzindən 25–30 kilometr aralıda yerləşən Bərgüşad kəndində isə müstəqil bir bankomatın yerləşdirilməsinə ehtiyac var. Eyni zamanda, Ucarın Bərgüşad kəndinin qazlaşdırılması üçün də tədbirlər görülməsini xahiş edirik.
Hər iki rayonda Qarabağ əlilləri və şəhid ailələri, xüsusilə də aztəminatlı ailələr üçün yaşayış binasının tikilməsinə köməklik göstərilməsi arzu edilən olardı. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, əslində, bu kateqoriyadan olan vətəndaşlar üçün bütün ölkə boyu mənzil tikintisi proqramlarının hazırlanmasını biz ötənilki hesabatlarda da səsləndirmişdik. Yeri gəlmişkən, bu təklifimiz hesabatda nəzərə alındığı üçün təşəkkürümüzü bildiririk. Əhalinin mənzilə olan tələbatının təmin edilməsi məqsədi ilə Dövlət mənzil fondunun formalaşdırılması işinin sürətləndirilməsi də prioritet məsələ olaraq nəzərə alınmalıdır.
Nəhayət, mən Azərbaycanın görkəmli mütəfəkkiri, böyük ziyalısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin respublika səviyyəsində keçirilməsi üçün Azərbaycanın və o regionun çoxsaylı ziyalılarının xahişini çatdırıram və bu tədbirin respublika səviyyəsində keçirilməsi üçün müəyyən addımlar atılmasını Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm.
Sözümün sonunda bu sənədi kifayət qədər qənaətbəxş və dolğun hazırlanmış bir hesabat olaraq dəyərləndirdiyimi bildirirəm. Təbii ki, bu hesabata səs verəcəyəm və digər həmkarlarımı da birmənalı olaraq buna səs verməyə dəvət edirəm. Başda cənab Prezident və ailə üzvləri olmaqla hər bir həmkarımı, hər bir hökumət üzvünü qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev buyursun.
F. Quliyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və həmkarlar, hamınızın bayramını təbrik edirəm! Mən də əvvəl çıxış edən həmkarlarım kimi bu hesabatla tamamilə razıyam. Həm görülmüş, həm də görüləcək işlər haqqında tutarlı bir hesabatdır.
Mən bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birinci deyəcəyim məsələ Dövlət Neft Fondunun vəsaiti ilə bağlıdır. Bu vəsaitlər 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur, amma ölkənin kommersiya bankları xaricdən böyük faizlə vəsait götürürlər. Hesab edirəm ki, bank sektorundakı maliyyə dağınıqlığı və likvidliyin aşağı olması məhz bu vəsaitlərin böyük faizinin kənardan götürülməsi ilə bağlıdır. Məncə, Azərbaycanın dövlət ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilməsi vacib şərtdir və bunlar ölkədə olarsa, onda bu məsələlərdə bir az irəliləyiş nəzərə çarpar.
Deyəcəyim ikinci məsələyə burada toxunuldu. Biz dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsini istəyiriksə, təbii ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunun təkmilləşdirilməsinə və vəsaitdən səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Məsələn, təmir adı altında kifayət qədər israfçılığa yol verilir. Bu kimi məsələlər, təbii ki, diqqətdən kənarda saxlanılmamalıdır.
Üçüncü məsələ büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, dövlət müəssisələrinə nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlıdır. Məncə, bu da çox vacib məsələlərdən biridir.
Dördüncü, kommunal sektorun idarəetməyə verilməsi, məncə, çox önəmli məsələlərdən biridir. Söhbət istilik, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sahəni istifadəyə verməlidir, çünki kommunal sektorun dövlət nəzarətində olması səbəbindən ora dövlət büdcəsindən külli miqdarda vəsaitin buraxılmasında maraqlı olurlar.
Beşinci, hökumət 2012-ci ildə 9,7 milyard ABŞ dolları həcmində mal idxalı proqnozlaşdırdı. Bunun da 7,9 milyardı qeyri-neft sektorunun payına düşür. Halbuki bu məhsulların əksəriyyəti ölkəmizdə ya istehsal olunur, ya da istehsal olunma imkanları vardır. Məncə, bu haqda ciddi düşünmək lazımdır. Həm ortada yeni qlobal maliyyə böhranının proqnozları var, həm də İrana tətbiq olunan sanksiyalar idxal məhsullarının mümkün olan çeşiddə ölkəmizdə istehsalını zəruri edir.
Yeri gəlmişkən, mən Naxçıvanla bağlı bir məsələyə toxunmaq istəyirəm. Naxçıvanda əhalinin aldığı istehlak mallarının böyük əksəriyyəti İranın payına düşür. Bu gün İran ətrafında baş verən hadisələr, sanksiyaların tətbiq olunması həm narahatçılığın yaranmasına, həm də ölkəyə gətirilən mallara məhdudiyyət qoyulmasına səbəb olubdur. Ona görə hesab edirəm ki, təcili Naxçıvanda bir neçə meyvə-tərəvəz emalı ilə məşğul olan zavodun və soyuducu anbarların tikilməsi çox vacib şərtdir. Bunlar tikilərsə, birinci, iş yerləri açılar, ikinci, əhalinin kənd təsərrüfatı məhsulları istehsalına marağı artar. Ən mühümü odur ki, biz yaşayış səviyyəsinin aşağı düşməməsi üçün çalışmalıyıq, çünki bu zaman əhalinin oradan köçmə məsələsi gündəmə gəlir. Mən hesab edirəm ki, Azərbaycanın hər yerinə bu yanaşma tətbiq olunmalıdır. Bu gün ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı cənab Prezidentin sərəncamları var və qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər görülür. Bunlar nəzəri baxımdan var. Amma mən bunların Naxçıvana təcili tətbiqini məqbul sayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və millət vəkilləri, dəyərli media təmsilçiləri! Mən də təbriklərə qoşulur, sizin hər birinizi qarşıdan gələn bahar bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə ailə səadəti, xoşbəxtlik arzu edirəm. Bu imkandan istifadə edərək cənab Prezidentimizi, onun ailəsini, eyni zamanda, bütün Azərbaycan xalqını qarşıdan gələn bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Hörmətli millət vəkillərinin söyləmiş olduqları fikirləri təkrar etmək niyyətində deyiləm. Sadəcə, bir-iki kəlmə deyib başqa bir müstəvidə öz çıxışımı davam etdirmək istəyirəm. Əlbəttə, 2011-ci ildə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində inkişaf tendensiyası davam etmiş, ölkəmiz uğurlu bir ilə imza atmış və şərəfli bir tarixə qovuşmuşdur. Əvvəlki illərin təməli üzərində qurulmuş inkişafımız bizə 2012-ci ildə daha ciddi uğurlara imza atmaq imkanını yaratmışdır. Əlbəttə, bunun başlıca səbəbi, mənbəyi ölkə Prezidenti, onun peşəkar komandası və ölkə iqtisadiyyatının müəyyən olunmuş prinsiplərlə idarə olunmasıdır. Heç şübhəsiz ki, bu, iqtisadiyyatımızın inkişafına öz töhfələrini verir.
Hörmətli cənab Sədr, ola bilsin ki, mən bu müstəvidən başqa formada çıxmaq məcburiyyətində qaldım. Ümidvaram ki, Siz də, hörmətli millət vəkilləri də məni başa düşəcəksiniz. Mən bütün varlığımı, həyatımı Azərbaycan dövlətçiliyinə həsr edən vətəndaşlardan biriyəm. Düşünürəm ki, mənim bu fikirlərim Azərbaycan xalqının mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşür.
Söhbət nədən gedir? Azərbaycana hansı dövlət başçısı gəlirsə, xoş gəlir, hansı yüksək dövlət məmuru gəlirsə, o da xoş gəlir. Lakin gəlib Azərbaycanın daxili işlərinə qarışırlarsa, Milli Məclisin tribunasından başqa ölkələri ittiham edib bizi onlarla üz-üzə qoymaq istəyirlərsə, çox böyük səhvə yol verirlər. Biz buna imkan verməli deyilik.
Mən öz vicdanımın hökmü ilə millət vəkili kimi məcburam ki, Almaniyanın xarici işlər nazirinin hərəkətlərinə münasibətimi ifadə edim. Məndən öncə hörmətli Mübariz Qurbanlı, Zahid Oruc bununla bağlı müəyyən fikirlərini söylədilər. Mən soruşmaq istəyirəm, əgər Elmar Məmmədyarov Almaniyaya gedib orada fəaliyyət göstərən destruktiv qüvvələrlə Almaniyanın taleyini, daxili vəziyyətini müzakirə etsə, bu, Almaniyada necə qarşılanacaq?
Yaxşı, gəlirsiniz, əvvəla, sizin beynəlxalq təşkilatlar tərəfindən mandatınız yoxdur. Siz Avropa Şurasının, ATƏT-in rəhbərliyində oturan insanlar, BMT-nin təmsilçisi deyilsiniz, bir ölkənin, Azərbaycan kimi bir dövlətin xarici işlər nazirisiniz. Siz gəlib partiyalarla və elə adamlarla qapalı görüşlər keçirirsiniz ki, onlar Azərbaycan haqqında ancaq yanlış məlumatlar verirlər. Onlarda milli təəssüf hissi yoxdur. Onların məqsədi budur ki, daha çox tənqid elə, daha çox qərəzli yanaş, daha çox iftira at və çox qonorar qazan. Bu prinsiplə yaşayan insanlarla görüşürlər və bunlarda da milli təəssüf hissi olmadığı üçün fikirlər üst-üstə düşür. Beləliklə, Azərbaycan cəmiyyətində sanki bir immunitet yaranır ki, belə olmalıdır. Biz buna qarşı ciddi şəkildə öz sözümüzü deməliyik, müqavimətimizi göstərməliyik.
Almaniyanın insan haqları üzrə müvəkkili onu müşayiət edir və Azərbaycanda insan haqlarından danışır. Ona kim bu səlahiyyəti, mandatı verib? Mən düşünürəm ki, bu məsələdə Xarici İşlər Nazirliyi də kifayət qədər prinsipiallıq göstərməyibdir. O adamın bura gəlməsinə nə ehtiyac var? O getsin Elmira Süleymanova ilə görüşsün, fikir, təcrübə mübadiləsi aparsın. Bu, normaldır. Yoxsa gəlib ayrı-ayrı destruktiv qüvvələrlə görüşürsə və öz ölkəsindəki problemləri qoyub bizim ölkəmizdəki insan haqlarından danışırsa, bu, yolverilməzdir.
Bu yaxınlarda, səhv etmirəmsə, millətçilər 11 türk ailəsini yandırdılar. Niyə onda onların səsi çıxmadı və ombudsman öz etirazını bildirmədi? Bu məsələlərin baş verməməsi üçün niyə konkret addımlar atmadı? Düşünürəm ki, bu cür insanların Azərbaycan rəhbərliyinin yüksək humanizmindən, siyasi mədəniyyətindən istifadə edərək burada bizə dərs vermələrinə ehtiyac yoxdur. Azərbaycan öz yolunu tutub, gedir. Bu, demokratiya yoludur. Bu, dünyanın dəyərlərinə istiqamətlənmiş yoldur. Bu, təkcə Almaniya yolu deyil, bu, eyni zamanda, Yaponiya, Cənubi Koreya yoludur. Bu, bəşəri dəyərlərə söykənmiş yoldur, Azərbaycan da bu yolla gedir. Hər halda bunları deməyi özümə borc bildim.
Cənab Baş nazirin, hökumət üzvlərinin burada olmasından istifadə edərək bir sıra təkliflərimi demək istəyirəm. Bəlli olduğu kimi, kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə Prezidentinin göstərdiyi diqqətin nəticəsidir ki, artıq kənd təsərrüfatında, aqrar sektorda çox ciddi uğurlara imza atırıq. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi müvəffəqiyyətlə həyata keçirilir.
Lakin bununla bərabər, kənd təsərrüfatında bir sıra məsələlərə diqqət vermək vacibdir. İlk növbədə biz tədarük müəssisələrinin yaradılmasına diqqət yetirməliyik. Söhbət nədən gedir? Ayrı-ayrı fermerlər tərəvəz və meyvə məhsulları istehsal edirlər, lakin onu qısa zaman kəsiyində reallaşdıra bilmirlər. Bizim aqrolizinq, taxıl fondu ilə bağlı təcrübəmiz var. Biz tədarük müəssisələri yaratmaqla bir tərəfdən, fermerlərə dəstək ola, digər tərəfdən, daxili bazarı qoruyub saxlaya bilərik. Başqa bir tərəfdən isə hətta biz xaricdə brend hesab olunan kənd təsərrüfatı məhsullarının ixracına nail olarıq. Bu da Azərbaycana kifayət qədər vəsait gətirər.
Bir daha təkrar edirəm, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında ciddi rol oynayır. Bakı şəhərində kənd təsərrüfatı yarmarkalarının təşkil olunması çox müsbət haldır. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə layihəsi əsasında keçirilən bu yarmarkalar, heç şübhəsiz ki, öz töhfəsini verir. Mən təklif edərdim ki, bu cür yarmarkalar təkcə Bakıda deyil, Sumqayıtda, Mingəçevirdə, Şirvanda təşkil edilsin və hər həftə keçirilsin. Lakin palçıqlı küçələrdə yox. Yaxşı olar ki, yarmarkalar üçün normal şərait yaradılsın, soyuducusu, istilik sistemi olsun, qapalı olsun, yağış, qar insanların başına tökülməsin. Düşünürəm ki, buna da diqqət vermək lazımdır.
Oqtay müəllim, Kənd təsərrüfatı kooperasiyası haqqında qanunu birinci oxunuşda müzakirə etmişik. Hökumətin də buna ciddi marağı olmalıdır və biz bu qanunu tezliklə qəbul etməliyik. Düşünürəm ki, bu qanunun qəbulu ilə biz kənd təsərrüfatının inkişafına təkan verə bilərik. Yəqin ki, bu da qısa zaman kəsiyində öz həllini tapacaqdır.
Mənim indiki çağırışım bir az başqa cür səslənə bilər, amma bunu bir dəfə də demişəm, yenə təkrar edirəm. Bakı şəhəri artıq boğulmaq üzrədir. Yaxşı olar ki, Azərbaycanın bugünkü imkanlarından istifadə edərək paytaxtın dəyişdirilməsi məsələsinə də baxılsın. Bakı biznes mərkəzi kimi fəaliyyət göstərə bilər. Bu təcrübə var, Nyu-York, İstanbul və digər belə şəhərlər var. Paytaxtın köçürülməsi ilə Bakı artıq hədsiz dərəcədə yüklənmədən azad olar və ciddi problemlərlə üzləşməz.
Cənab Baş nazirin burada olmasından istifadə edərək bir xahişimi səsləndirmək istəyirəm. Neftçala rayonunun 7 kəndini özündə birləşdirən Cəngən deyilən inzibati ərazidə yol son dərəcə bərbad vəziyyətdədir. Mən bununla bağlı Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə söhbət etmişəm. Bunun üçün ora mütləq ciddi investisiya lazımdır və bu, dövlət proqramına salınmalıdır. Xahiş edirəm, bu məsələ dövlət proqramına salınsın.
Nəhayət, sözün həqiqi mənasında, Kərbəla müsibəti yaşayan Xıdırlı kəndi var. Orada su məsələsini həll etmək lazımdır. Mən hörmətli Qorxmaz müəllimlə söhbət etmişəm. O bu məsələni həll etməyə hazırdır, sadəcə, pula ehtiyac var. Ümidvaram ki, bu problemin həllinə imkanlar var. Mən hökumətin fəaliyyətinə müsbət yanaşıram və hesabata səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail müəllim, mən Sizin çıxışınıza şərh verməyəcəkdim, amma ikinci dəfə Gürcüstanın Prezidentinin Milli Məclisdə çıxışı barədə danışırsınız. Belə çıxır ki, Milli Məclis buna şərait yaradıb və o, Milli Məclisin fikrini ifadə edib.
Saakaşvili müstəqil dövlətin prezidentidir, Azərbaycana rəsmi səfərə gəlib, Milli Məclisdə də çıxış etməyə ixtiyarı var. O yalnız öz fikirlərini ifadə edib. Bunun nə Azərbaycana, nə də Azərbaycanın siyasətinə heç bir dəxli yoxdur. Bunu ikinci dəfə demək artıqdır.
O ki qaldı Almaniyanın xarici işlər nazirinə, o da rəsmi səfərə gəlib. Bu da onun səviyyəsidir. Bizim bəzi səviyyəsizlər ona imkan yaradırlar ki, belə görüşlər keçirsin. Siz deyən kimi, Elmar Məmmədyarov Almaniyaya getsə, orada ona belə bir imkanı yaradacaq destruktiv qüvvələr olmayacaq.
Bunun səbəbini dəfələrlə demişik. Hələlik bizim millətin bir hissəsinin canından böyük qardaş – Moskva xofu çıxmayıb. Hər kəs kənarda qüvvə axtarır ki, müraciət etsin. O da bizim millətimizin nümayəndəsidir. Ona görə bunu şişirtməyin, reklam etməyin bir mənasını görmürəm. Buyursun İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir və cənab nazirlər! Hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Hər birinizə, ailənizə və doğmalarınıza uzun ömür, can sağlığı və dövlətimiz üçün faydalı iş arzulayıram.
Mən həm hökumətin bizə təqdim etdiyi hesabatı, həm də çıxışları diqqətlə dinlədim. Gəldiyim qənaət bu oldu ki, bu, hökumətin real hesabatı deyil, piar hesabatıdır. Hökumət sanki öz fəaliyyətini seçki dönəmində seçicilərə təqdim edib və ona görə də daha çox vədlərlə, şişirdilmiş faktlarla danışır.
Hər zaman burada hökumətin hesabatı müzakirə olunanda mən çıxışlarımda müxtəlif sahələrə toxunmuşam, tənqid etmişəm və mövqeyimi bildirmişəm. Hər zaman da bizim çıxışımızdan sonra hökumət üzvləri, dəyərli nazirlər cavab veriblər ki, biz nəyisə görmürük, yaxud da məsələlərə qərəzli yanaşırıq. Fərz edək ki, biz qərəzli yanaşırıq. Onda gəlin, beynəlxalq hesabatlara diqqət edək və onları Azərbaycan hakimiyyətinin verdiyi hesabatla eyniləşdirək.
Beynəlxalq təşkilatların verdiyi hesabata görə Azərbaycan iqtisadi cəhətdən azad olmayan ölkələr sırasındadır. Çox hörmətli hökumət üzvləri görəsən düşünürlərmi ki, niyə Azərbaycan iqtisadi cəhətdən azad olmayan ölkələr sırasındadır? Bunu şərtləndirən səbəblər nədir? Hökumət hansı fəaliyyəti göstərməlidir ki, Azərbaycan azad olmayan ölkələr siyahısına düşməsin.
Burada sahibkarlara edilən yardımdan tutmuş onlara yaradılan şəraitə qədər hər şey var. Bəs onda beynəlxalq təşkilatlar nəyi nəzərə alaraq Azərbaycanı iqtisadi cəhətdən azad olmayan ölkələr siyahısına salıblar? Çox təəssüflər olsun ki, hökumət uzun illərdir, bu tipli məsələləri, Azərbaycandakı bu vəziyyəti müzakirə etmək üçün nə dəyirmi masalar keçirir, nə buna aydınlıq gətirir, nə də bu siyahıdan çıxmaq üçün ciddi təşəbbüs göstərir. Bunu şərtləndirən səbəblərin də aradan qaldırılması istiqamətində heç bir fəaliyyət göstərmir.
Təkcə bu istiqamətdə deyil, məsələn, korrupsiya və rüşvətxorluğun miqyasına görə Azərbaycan 143 ölkə arasında 95-100-cü yerdədir. Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə İdarəsi də var. Tez-tez də səlahiyyətli dövlət qurumlarının korrupsiyaya qarşı mübarizə aparması barədə fikirlər və yaxud da statistika səslənir. Görəsən, hökumət korrupsiyaya qarşı mübarizə aparır, yoxsa rüşvətxorluğa? Təəssüflər olsun ki, hökumətin hesabatında da, səlahiyyətli dövlət qurumlarının məlumatlarında da nəzərə çarpan korrupsiyaya yox, ancaq rüşvətxorluğa qarşı mübarizədir. Bax, buna görə hökumət hansı çıxış yollarını təklif edir? Azərbaycanın balanslaşdırılmış siyasətini və sair mövqelərini burada ifadə edən həm hökumət üzvləri, həm də millət vəkilləri, görəsən, fikirləşirlərmi ki, bunu aradan qaldırmaq üçün hökumət nə etməli, hansı fəaliyyəti göstərməlidir?
Təbii ki, korrupsiya və rüşvətxorluğun miqyası, o cümlədən iqtisadi cəhətdən azad olmayan ölkə kimi Azərbaycanın beynəlxalq hesabatlarda adının keçməsi nəticə etibarı ilə vətəndaşların, millət vəkillərinin, ayrı-ayrı müxalifət partiyalarının nümayəndələrinin fəaliyyətinə görə deyil, hökumətin fəaliyyətinə görədir. Məhz hökumətin yeritdiyi siyasətə görə Azərbaycan bu siyahıda yer alır. Hökumət bunun üçün nə edir? Hansı ciddi antikorrupsiya layihələri həyata keçirilir? Bəli, bu gün Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir, amma dəfələrlə təklif etmişik ki, hökumət bu sahədə səmimidirsə və həqiqətən, korrupsiyaya qarşı mübarizə aparmaq istəyirsə, ictimaiyyətin müxtəlif təbəqələrini, o cümlədən də hökumətin siyasətini tənqid edən, qəbul etməyən tərəfləri də bu prosesə cəlb etsin. Özü də bunu maaşla yox, ictimai əsaslarla etsin. Çox təəssüf, hökumət buna doğru da bir addım atmır. Bu onu göstərir ki, hökumət ya bu sahədə qeyri-səmimidir, ya da, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə aparılmır, sadəcə, rəqəmlər yazılır.
Digər tərəfdən, Azərbaycan hökuməti bildirir ki, ölkədə yoxsulluq həddində yaşayanlar 7 faizdir. Bu da, çox təəssüflər olsun ki, Azərbaycan reallıqlarını əks etdirmir. Dünya ölkələri tərəfindən qəbul olunan beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan əhalisinin 23–25 faizi yoxsulluq həddində yaşayır. Hökumət buna görə ciddi şəkildə narahat olmalıdır. Aydınlıq gətirməlidir ki, nədən Azərbaycanda bu rəqəm 7 faiz, amma beynəlxalq təşkilatların hesabatlarında 23–25 faiz göstərilir. Bu təzadı təşkil edən səbəblər nədir? Hökumət harada yanlış rəqəmləri ifadə edir və yaxud yanlış rəqəmlər verən beynəlxalq təşkilatlar niyə Azərbaycana qarşı qərəzlidirlər?
Həmişə hökumətyönlü deputatların çıxışlarında çox qəribə bir məntiq yaranır. Orta məktəbdə oxuyan şagirdlər həmişə 5 alanda gəlib deyirlər ki, 5 aldım, 2 alanda isə “2 verdilər” – deyirlər. Azərbaycan iqtidarı beynəlxalq aləmdə nəyəsə nail olanda və yaxud tutaq ki, BMT-nin qeyri-daimi üzvü seçiləndə deyir ki, bu, Azərbaycan iqtidarının nailiyyətidir və biz bunu qəbul etmişik. Amma korrupsiyaya görə 95-ci yerdə göstəriləndə, qeyri-azad ölkə kimi qiymətləndiriləndə, yoxsulluğun faizi 23–25 faiz olanda və yaxud da başqa hallarda deyirlər ki, bizə qarşı qərəzli münasibət bəsləyiblər. Bu, sizcə, doğru yanaşmadırmı?
Bu gün Avstriyada Azərbaycanın rəsmi strukturuna qarşı məhkəmə işi gedir. Hökumət buna aydınlıq gətirməlidir. Milli pulun çapı ilə bağlı problem var və məhkəmələr bu işi araşdırır. Azərbaycan hökuməti bu gün burada, parlamentdə buna cavab verməlidir. Rəsmi struktur 25 milyon avroya yaxın vəsaitin mənimsənilməsində ittiham olunur. Korrupsiyanın həddi o səviyyəyə çatıb ki, artıq beynəlxalq məhkəmələrdə də Azərbaycanla bağlı çəkişmələr gedir. Hesab edirəm ki, hökumət bunlara münasibət bildirməliydi.
Bir neçə il bundan əvvəl rəqəmləri başqa şəkildə, yəni 2006-cı illə 2009-u, 2008-ci illə 2010-u müqayisə edirdilər. İndi 2003-cü ilə qayıdıblar. Deyirlər ki, 2003-cü illə müqayisədə bu gün bu şəkildədir, nə bilim, 40 faiz pensiyalar artıb və sair. Bu gün orta pensiyanın miqdarı 154 manatdır. Bəs minimum istehlak zənbilinin miqdarı nə qədərdir? Orta aylıq əmək haqqını gah 268 manat, gah da 298 manat yazırsınız. Bu gün 200 minə yaxın müəllim nə qədər maaş alır? 24 saat dərs deyən müəllim 160 manat maaş alır. Bu gün müəllimlərin böyük əksəriyyəti 12 saat dərs deyir və 80 manat maaş alır. Hətta 6 saat dərs deyən müəllimlər var. Bunları nəzərə alırsınızmı və bunların sayı nə qədərdir? Aşağı və yaxud yuxarı tibb personalı nə qədər maaş alır? Bu gün 1 milyon 300 min nəfərə yaxın pensiyaçının aldığı təqaüd onun yaşaması üçün yetərlidirmi? Bütün bunları rəqəmlər halında ifadə edin, ümumi şəkildə yox.
Çox tez-tez deyirlər ki, Azərbaycanda büdcə sosial yönümlüdür. Sosial yönümlü büdcənin sosial xərclərə sərf olunan hissəsi cəmi 27 faizdir. Bu haradan sosial yönümlü büdcədir? Sosial yönümlü büdcənin fəlsəfəsi bu deyil. Təbii ki, heç kimə dərs demək niyyətim yoxdur, amma sosial yönümlü büdcənin fəaliyyətinin nədən ibarət olmasını hörmətli hökumət üzvləri çox gözəl bilirlər. Ona görə dedim ki, bu, sadəcə, bir piar üçün təqdim olunan hesabatdır.
Hesab edirəm ki, burada bir məsələyə də münasibət bildirmək çox vacibdir. Almaniyanın xarici işlər naziri və ombudsmanı Bakıya səfərləri zamanı müxalifət nümayəndələri ilə görüşüblər. Görüşdə iştirak edənlərdən biri də mən olmuşam. Heç kim ölkənin mənafeyini satmır, ölkənin maraqlarını kiməsə tabe etdirmir. Gələnlər də Avropa Birliyi, Avropa Şurası, ATƏT çərçivəsində ölkələrlə əməkdaşlıq edirlər. Almaniya Avropa Birliyinin aparıcı dövlətlərindən biridir və Azərbaycandakı vəziyyətlə maraqlanır. Azərbaycan da digər ölkələrdə həm seçkiləri müşahidə edir, həm də prosesləri izləyir və sair. Başqa bir dövlətlə münasibətləri bu şəkildə korlamaq və buradan savadsız bəyanatlar vermək, hesab edirəm ki, doğru deyil. Almaniya bu gün Avropanın ən aparıcı dövlətlərindən biridir və Azərbaycana dost ölkədir. Ən azı yaddan çıxarmayaq ki, Xocalı ilə, Qarabağla bağlı Bundestaqın son qərarı nədən ibarət idi. Sonda, hesab edirəm ki, hökumətin bu hesabatı qənaətbəxş deyil. Bu cür hesabatlara görə hökumətlər istefaya gedir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə, çox alovlu danışdın, amma əfsuslar olsun ki, bir belə hesabatdan cəmi 2 dənə rəqəm dedin. Amma dediyin rəqəm də cəfəngiyyatdır. Hansısa beynəlxalq təşkilatın dediyi rəqəmləri təkrar etdin, amma 400 səhifəlik hesabatdan heç nə demədin.
İkinci məsələ odur ki, çıxış edən həmkarımız Almaniyanı söymədi, sadəcə, oradan gələn insanın hərəkətindən danışdı. Mən onu açıqlamadım.
İndi sual verirəm. Milli Məclisə bir çox dövlətlərin nümayəndələri gəlirlər, millət vəkilləri ilə görüşürlər. Biz nə edirik? Həm iqtidar, həm müxalifət nümayəndələri, həm də bitərəflər bir toplantıda görüşürlər. Ancaq müxalifətlə ayrıca görüş keçirməkdə məqsəd nədir? Bunu açıqlamaq lazım deyil ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən
. Xeyr, bizi göstərirlər, ancaq bu görüşü heç kimə göstərmirlər. Onda məqsəd nədir? Nəyə görə iqtidardan, bitərəflərdən kimsə bu görüşə dəvət olunmur? Niyə yalnız müxalifət nümayəndələri dəvət olunurlar? Danışanda doğru danışın, kimisə günahlandırmaq lazım deyil. Məgər siz bilmirsiniz ki, Azərbaycana qarşı nə qədər ikili standartlar həyata keçirirlər? Elə Avropa Şurasında da, Avropa parlamentində də belədir. Siz bunu bilmirsiniz ki, cavabını məndən soruşursunuz? Gəlin bir az düz olaq. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! İqbal müəllimdən sonra danışmaq bir qədər çətindir, çünki bir çox məsələlərə toxundu. Amma mən çalışacağam ki, dünyada gedən proseslərin Azərbaycana təsiri ilə bağlı danışam. Bilirsiniz, iqtisadiyyatı təhlil edəndə birinci, dünyada gedən proseslərə baxmaq lazımdır. Dünya iqtisadiyyatı dərin böhran keçirir. ABŞ kimi hegemon bir dövlətin bu gün dövlət borcu 17 trilyonu keçib. Avropa dövlətlərində vəziyyət həddindən artıq gərgindir. Dövlət borcları 80 faizlə 160 faiz arasında dəyişir. Avropa Birliyinin iqtisadi cəhətdən gələcəyi sual altındadır. Bunu hamımız görürük, hamımız bilirik.
Belə bir vəziyyətdə Azərbaycanda daimi iqtisadi siyasət aparmaq, əlbəttə, çox çətindir. Mən həmişə aparılan siyasətlə əlaqədar olaraq hökuməti tənqid etmişəm. Amma son illər Azərbaycan hökumətinin apardığı siyasəti təqdirəlayiq hesab edirəm, çünki dünyada gedən proseslərin Azərbaycana təsiri çox az olub. Beynəlxalq reytinq agentliklərinin verdiyi qiymətlər, Azərbaycanın valyuta ehtiyatları və digər məsələlər Azərbaycanda iqtisadi siyasətin düzgün aparıldığını bir daha sübut edir. Yəni Azərbaycanda aparılan iqtisadi siyasət məhz 2008-ci ildən bu yana dünyada davam edən böhranın qarşısının alınması üçün atılan addımların müsbət nəticəsidir.
Əlbəttə, elə məsələlər var ki, onların ətrafında danışmaq olar. Heç kim deyə bilməz ki, bu gün Azərbaycanda, misal üçün, ixrac yönümlü məhsulların istehsalının artırılması üçün müəyyən işlər görülüb. Sumqayıtda böyük bir texnoparkın yaradılması, Qaradağ texnoparkı ilə əlaqədar cənab Prezidentin qərar verməsi, Gəncə zonasında alüminium zavodunun işə düşməsi və sair ona görədir ki, ixrac qabiliyyətli məhsulların istehsalı artırılsın.
Mən bir neçə məsələyə də toxunmaq istəyirəm. Bayaq qeyd etdim, Azərbaycan neft və qaz ixrac edən ölkədir. İxracımızın da təxminən 92 faizini neft və qaz təşkil edir. Mən bununla razıyam, heç bir etirazım yoxdur. Amma gəlin, idxalın strukturuna baxaq. İdxalın strukturunda 60 faiz sənaye avadanlığı, nəqliyyat və bir də, metal məmulatlarıdır. Azərbaycanın bu sahədə böyük ehtiyatı var. Nəyə görə biz Azərbaycanda iri sənaye, nəqliyyat müəssisələrinin yaradılmasına nail ola bilmirik? Nəyə görə qonşu dövlətlərdə buna imkan yaradılır, amma biz Azərbaycanda bunu həyata keçirmirik? Niyə imkan ola-ola Azərbaycanda bu məsələlər həll olunmur? Bir neçə dəfə demişəm, heç olmasa, Azərbaycan özü üçün lazım olan məhsulları istehsal etsin. Bayaq burada qeyd olundu. Niyə Azərbaycanda neft-maşınqayırma sənayesi inkişaf etdirilmir? Biz niyə milyardlarla vəsaiti xaricə axıdıb oradan avadanlıq gətiririk? Mən bu məsələlərə diqqət verilməsini tövsiyə edirəm.
İkinci, biz dövlət büdcəsi və hökumətin hesabatı müzakirə olunanda xəbərdarlıq etmişdik. Hesabata baxırıq, 2010-cu ildə Dövlət Neft Fondunun gəliri təxminən 50 faizə yaxın olub. Yəni planlaşdırılan 396 milyon manatdan yalnız 176 milyon manat gəlir götürüblər. Axı, dünyada gedən prosesləri siz iqtisadçılar, hökumət üzvləri bilirsiniz. Bilirsiniz ki, avro da, dollar da, funt-sterlinq də məzənnədən düşüb. Biz 2–3 il bundan qabaq “vəsaitləri gətirmək, Azərbaycana investisiya yatırmaq, onun müəyyən hissəsini qızıl ehtiyatına çevirmək lazımdır” deyirdik. Vaxt gələ bilər ki, həmin vəsaitlər faktiki olaraq 10 dəfə, 15 dəfə qiymətdən düşə bilər. Onda o vəsaitlər kimə lazımdır?
Məndə olan məlumata görə Azərbaycan hökuməti həmin vəsaitlərin müəyyən hissəsini qiymətli kağızlar bazarında saxlamaq istəyir. Mən bir neçə dəfə demişəm, yenə də deyirəm, hələlik dünya qiymətli kağızlar bazarında stabil vəziyyət yoxdur və bizim apardığımız analizə görə yaxın illər üçün də gözlənilmir. Ona görə də iri məbləğləri qiymətli kağızlar bazarına yatırmağa heç bir ehtiyac yoxdur. Mən bunun perspektivini görmürəm. Dövlət Neft Fondunun gəlirlərini artırmağın iki yolu var. Birincisi, bunun 20–25 faizini qızıl ehtiyatına çevirərək Azərbaycanda saxlamaq, ikincisi isə investisiya layihələrinə yatırmaqdır. Banklarda dövriyyə vəsaitini artırmaq və faizləri aşağı salmaq lazımdır ki, sahibkarlar Azərbaycanda böyük işlər görə bilsinlər. Bir də, üçüncü yol var. Bu gün biz komitədə Serbiya ilə əlaqədar 38 milyonluq kontrakta razılıq verdik. Xarici dövlətlərə sərmayə qoymaq, yeni istehsal sahələri yaratmaq gərəkdir. Bu gün Gürcüstanda Dövlət Neft Şirkəti tərəfindən bu əməliyyatlar həyata keçirilir.
Sonra, mən belə hesab edirəm ki, qlobal maliyyə böhranı dövründə Mərkəzi Bankın istər sədri, istərsə də idarə heyəti çox fəal işlədi. Azərbaycanda normal pul-kredit siyasətini apardılar. 4 milyard manata yaxın vəsaitin stilizasiya üçün maliyyə bazarına buraxılmasına baxmayaraq, onların gördüyü işləri mən müsbət qiymətləndirirəm və belə hesab edirəm ki, bu orqan, ümumiyyətlə, iqtisadi böhran dövründə çox böyük işlər gördü. Mərkəzi Bankın rəhbərliyinə mənim iki sualım və tövsiyəm var. Birincisi, bir neçə dəfə demişəm, bu nağd və nağdsız hesablaşmalar məsələsini həll etmək lazımdır. Burada söhbət ondan getmir ki, bu gün biz onu 79 faizdən 65 faizə salmışıq. 65 faiz çox böyük bir rəqəmdir. Burada həm vergidən yayınma halları, həm də digər məsələlər var, onları açıqlamaq istəmirəm. Bu çox ciddi ehtiyat mənbəyidir, ondan istifadə etmək lazımdır.
İkinci deyəcəyim məsələ əmanətlərin sığortalanması ilə əlaqədardır. Biz 2007-ci ildə 30 min manata qədər əmanətlərin sığortalanması haqqında qanun qəbul elədik. Amma indi baxırıq ki, bütün banklar sığorta fondu ilə müqavilə bağlamayıblar. 43 bank bağlayıb, qalan banklar bunu etməyib. Nəyə görə? O bankların adları niyə mətbuatda açıqlanmır? Niyə bu banklar sığorta fondu ilə müqavilə bağlamırlar? Sabah o banklarda insanların əmanətləri itəndə buna kim cavab verəcək?
2007-ci ildən sonra 25–30 faiz inflyasiya olub. Mən xahiş edərdim ki, bu məsələyə də baxılsın. 30 min manat azdır. Məbləği artırmaq lazımdır. Bunu 50–60, bəlkə də 100 min manata qaldırmaq lazımdır ki, əmanətlər sığortalansın.
Bir neçə kəlmə də öz bölgəmlə əlaqədar demək istərdim. Ümumiyyətlə, Baş nazirə dərin minnətdarlığımı bildirirəm ki, Quba ilə əlaqədar qaldırdığım bütün məsələləri müsbət həll eləyib. Artur müəllim, Bakı–Quba–Rostov yolunun üstündə Vəlvələ körpüsü var. 2010-cu ildə mən bu məsələni qaldırmışdım. Körpü çox bərbad vəziyyətdədir, ola bilər ki, bir-iki aya dağılsın. Bu, yeganə körpüdür ki, Azərbaycanla Rusiyanı birləşdirir. Bu körpünün təmiri ilə əlaqədar fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov komissiya göndərmişdi. Akt tərtib elədilər ki, körpü dağılır, təzəsi tikilməlidir. Amma çox təəssüf ki, bu günə qədər o körpü tikilməyib. Mən xahiş edirəm, o körpünün tikilməsinə diqqət artırılsın.
İkinci bir məsələ Quba–Qonaqkənd yolu ilə əlaqədardır. Cənab Prezident Qubada göstəriş verdi ki, 2011-ci ildə bu yol, 2012–2013-cü illərdə Qonaqkənd–Şamaxı yolu çəkilsin. Çox təəssüf olsun ki, bu günə qədər bu Quba–Qonaqkənd yolunu çəkməmişik. Xahiş edirəm ki, bu məsələyə də diqqəti artırasınız. Ümumi götürəndə mən Azərbaycan hökumətinin iqtisadi, siyasi vəziyyətin ağır olduğu bir dövrdəki fəaliyyətini müsbət hesab edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Azər Badamov.
A. Badamov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hökumət üzvləri, media nümayəndələri! Mən hesab edirəm ki, hesabat çox mükəmməl hazırlanıb təqdim olunmuşdur. 2011-ci ildə ölkə üzrə qeyd olunan əsas makroiqtisadi göstəricilərə nəzər yetirdikdə görürük ki, ötən il ölkəmizdə bütün istiqamətlərdə sosial-iqtisadi inkişaf qeydə alınmışdır. Çox yaxşı haldır ki, bütün regionlar üzrə aparılan investisiya layihələri uğurla icra olunur. Dünya iqtisadiyyatında hökm sürən böhranın dərinləşməsi ilə əlaqədar bir sıra inkişaf etmiş Avropa ölkələrinin mühüm fəsadlarla üzləşdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı dayanıqlıq göstərərək çoxşaxəli inkişafını təmin etmiş və ölkəmiz üçün prioritet sahə olan qeyri-neft sektorunda iqtisadi artım əldə edərək böyük uğurlara imza atmışdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda əldə olunan hər bir uğurun təməlində 1993-cü ildə əsası qoyulmuş Heydər Əliyev siyasəti durur. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitlik təmin edildi ki, bu da iqtisadi layihələrin zamanında icra olunmasına şərait yaratdı. 2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra bu siyasi kurs modernləşdirilərək davam etdirilmiş və qısa zaman ərzində ölkəmiz Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Regionun lider dövləti olan ölkəmizin inkişaf konsepsiyası dövlət başçısının rəhbərliyi altında uğurla həyata keçirilir. Onlarla açılış mərasimində iştirak edən İlham Əliyev dəyərli məsləhətlərini, göstərişlərini verir, hər zaman xalqın problemləri ilə, xalqa xidmət göstərən infrastruktur ilə şəxsən tanış olur.
Ölkəmizdə aparılan böyük inkişaf və quruculuq işləri mənim millət vəkili seçildiyim Qusar rayonunda da yüksək səviyyədə həyata keçirilir. Ölkə Prezidenti 16 fevralda rayona səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Mərkəzi xəstəxananın, Şahmat mərkəzinin açılış mərasimində iştirak etdi. Respublika əhəmiyyətli “Şahdağ” qış-yay idman-turizm kompleksində aparılan tikinti işləri ilə şəxsən tanış olaraq öz dəyərli tapşırıqlarını verdi. Ümumiyyətlə, rayonumuzda müasir məktəblər tikilir, yol infrastrukturu yenilənir, qazlaşma aparılır. Rabitə sahəsi artıq müasirləşdirilib, enerji təchizatındakı problemlər isə aradan qaldırılmaqdadır. Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı iclasda tərəfimizdən qaldırılmış məsələlər öz həllini tapmaqdadır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm.
Nə qədər quruculuq-abadlıq işləri aparılsa da, öz həllini gözləyən, sakinləri narahat edən bəzi məsələlər yenə də qalmaqdadır. Belə vacib məsələlərdən biri yol məsələsidir. Cənab Prezidentin tapşırığı ilə 25 km Samux–Xəzər yolu istifadəyə verilmiş, 22 km yolun tikintisi məsələsi həllini tapmışdır. Amma 13 yaşayış məntəqəsini birləşdirən, sərhəd məntəqələri ilə əlaqə yaradan, dövlət strateji əhəmiyyətə malik 28 km-lik Həzrə–Sudor yolunun yenidən qurulmasına ciddi ehtiyac var. 170 km Qusar–Bakı yolunu 2 saata yaxın müddətə dəf etmək mümkün olduğu halda 28 km-lik Həzrə–Sudor yolunu getmək üçün 2 saata qədər vaxt lazım olur. Yağıntılı şəraitdə bu yol keçilməz olur. Həmin ərazidə yaşayan sakinlər tərəfindən Həzrə–Sudor yolunun yenidən qurulması ilə əlaqədar çoxlu müraciətlər edilmişdir.
Dünyanın ərzaq təhlükəsizliyi ilə üzləşdiyi bir dövrdə cənab Prezidentin müvafiq sərəncamları ilə ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün yüksək şərait yaradılmışdır. Milli Məclisdə təmsil etdiyim Qusar rayonunun da ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalında və ərzaq bolluğunun yaradılmasında xüsusi rolu var. Lakin bir sıra kəndlərin suvarma suyu ilə təmin olunmasında ciddi problemlər mövcuddur. Əhalisi 5 min nəfər olan Hil kəndində isə içməli suyun təminatında olan ciddi problemlə əlaqədar sakinlər tərəfindən dəfələrlə müraciətlər edilmişdir.
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, cənab Prezidentin tapşırığı və iştirakı ilə rayon mərkəzində müasir tələblərə cavab verən Mərkəzi xəstəxana açılmışdır. Amma Qusar rayonunun relyefi, əsasən, dağlıq ərazilərdən ibarətdir. Bir çox kəndlərin rayon mərkəzindən uzaqda yerləşdiyi nəzərə alınaraq xəstələrə ilkin yardımın göstərilməsi üçün tibb məntəqələrinin yenidən qurulması və yaradılmasına böyük ehtiyac var. Əlaqədar nazirliklərdən qeyd etdiyim problemlərin həlli üçün kömək göstərməyi xahiş edirəm. Hesabatın qəbul olunmasına səs verəcəyəm, həmkarlarımı da səs verməyə dəvət edirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Azər müəllim. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Birincisi, gəlin nəzərə alaq ki, hesabatı hansı zamanda müzakirə edirik. 2008-ci ili, 2009-cu ilin əvvəlini yadınıza salın. Nələr gözləyirdik, hansı proqnozları səsləndirirdik, nəticəsi nə oldu? Azərbaycanın iqtisadiyyatı, bank, maliyyə sistemi öz dayanıqlığını, dözümlülüyünü göstərdi. Bu da, əlbəttə, Azərbaycanda aparılan siyasətin nəticəsidir, göydən düşən bir hədiyyə deyil. Bayaq Vahid müəllimin təsdiq etdiyi kimi, gəlin bunu hamımız təsdiq edək. Buna inanmayanlar Avropanın inkişaf etmiş bir neçə il bundan qabaq misal gətirdiyimiz ölkələrinin bugünkü maliyyə, iqtisadi, sosial durumuna diqqət yetirsinlər. Həmin göstəriciləri Azərbaycanın göstəriciləri ilə müqayisə etsinlər, onda bəlkə onlar üçün aydın olar.
Bu illər ərzində Azərbaycan hökuməti hansı işləri görüb, hansı qabaqlayıcı tədbirləri keçirib və nəticəsi nə olub? Azərbaycanda bu illərdə inkişaf etmiş ölkələrin çoxunda olduğu kimi, maaşlar, pensiyalar kəskin şəkildə aşağı düşmədi, işsizlik bir neçə dəfə artmadı, banklar çökmədi, maliyyə-kredit təşkilatları yox olmadı, müəssisələr bağlanmadı. Əlbəttə, bundan öncəki inkişaf tempinə nail ola bilmədik. Bu da təbiidir, çünki Azərbaycan qapalı bir cəmiyyət, dövlət, ölkə deyil. Bütün dünya iqtisadiyyatına, maliyyə sisteminə bağlı bir ölkədir, vahid orqanizmin bir hissəsidir. Həmin sistemdə özümüzü qoruyub saxlaya bilmişiksə, bu çox böyük nailiyyətdir. Mən razıyam, ola bilsin ki, bundan da artıq nailiyyətlərə imza ata bilərdik, ancaq bugünkü durumumuz özü böyük bir nailiyyətdir. Bunu görməmək, tanımamaq, qəbul etməmək şəxsi-qərəzlikdir.
Mən dəfələrlə demişəm, hökumətin hesabatına analitik yanaşma olmalıdır, ümumi sözlər deyilməməlidir. Sizə qeyri-neft sektoru, kiçik, orta, fərdi sahibkarlıqla əlaqədar misal gətirim. 2006-cı ildən 2011-ci ilədək olan müddəti təhlil etsək, fərdi, kiçik və orta sahibkarlıq subyektlərinin sayının ildən-ilə artdığını görərik. Orta hesabla ildə 44–45 min artır, bu reallıqdır. Verilən kreditlərin sayı və məbləği ildən-ilə artır. Kiçik, orta sahibkarlıq subyektlərinin və fərdi sahibkarlıqla məşğul olanların ödədikləri vergilər 2006-cı ildə 700 milyon, 2011-ci ildə 2 milyarddan artıq idi. Yoxsulluq səviyyəsi ilə digər göstəricilər arasında məlum olan ibtidai, riyazi təhlillə müqayisələr aparsaq, görərik ki, bunlar bir-birinə bağlıdır. Bunların içində riyazi proporsiyalardan qırağa çıxan bir göstərici yoxdur, yəni obyektiv göstəricilərdir. Hansı qurum haradasa nəyisə çap edib, kimin isə xoşuna gəlib və ya xoşuna gəlməyib. Bunun üçün riyazi təhlil var. Riyazi təhlil apar, təqdim və isbat et, biz də inanaq. Yoxsa o belə dedi, bu belə dedi? Bu səviyyədə təqdim olunan çıxışı müzakirə etmək bizə, Milli Məclisə yaraşmır. Burada oturan hökumət üzvlərinə, qonaqlara yaraşmır, ayıbdır.
Dövlət Neft Fondu ilə əlaqədar. Mən Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü olaraq Müşahidə Şurasının iclaslarında, bütün müzakirələrdə iştirak edirəm. Əmin ola bilərsiniz ki, bütün risklər müzakirə olunur, variantlar nəzərdən keçirilir. Hansı bir təklifi verəndə nəzərə alırıq ki, Avro, dollar və ya funt-sterlinq çökdü. Çökməyən nə oldu ki? Bəlkə manat çökmədi? Deməli, bundan istifadə etmək olmaz. Qiymətli kağızdan istifadə etmək olmaz. İndi növbəti təklif qızılla bağlı ola bilər. Heç kim məndən inciməsin, kim zəmanət verir ki, qızılın qiyməti sabah 30–40 faiz aşağı düşməyəcək? Onda kim məsuliyyət daşıyacaq? Hazırda Dövlət Neft Fondunun siyasəti bu çətin zamanlarda əldə etdiyimiz nailiyyətləri qoruyub saxlamaqdan ibarətdir. Başqa fondlar, – adlarını çəkmək istəmirəm, – bir ilin içində 12–17 faiz itirdi. Dövlət Neft Fondu da itirsəydi, nə deyəcəkdik? Bunu qoruyub saxlaya bilmişik, böyük nailiyyətdir. Əmin ola bilərsiniz ki, Dövlət Neft Fondunun siyasətində bütün variantlar nəzərdən keçirilir, ən səliqəli, səmərəli yollar seçilir. Lazım olanda qızıl və ya qiymətli kağızlar bazarında da iştirak edir və başqa sahələrlə də məşğul olur. Başqa dövlətlərin suveren fondlarının fəaliyyətinə fikir verin. Baxın görün bizim fondun fəaliyyəti uğurla inkişaf edən, ya da siyasətini uğurla həyata keçirən suveren fondların fəaliyyətindən kəskin şəkildə fərqlənirmi? Yox. Həmin fondlar bu çətin illərdə 5–8 faiz mənfəət əldə edə biliblərmi? Yox. Sıfıra bərabər mənfəət əldə edən sevinir ki, itirməmişəm. Ona görə, fikrimcə, Dövlət Neft Fondunun da siyasəti çox düzgün istiqamətdə aparılır.
Fikrimi yenə də deyirəm, bu cür hesabatları əsaslandırılmış, analitik şəkildə müzakirə etsək, daha səmərəli olar. Amma gəlin hamımız təsdiq edək ki, ildən-ilə bu hesabatlar daha sanballı, geniş, əsaslandırılmış şəkildə təqdim olunur. Təbiidir ki, ildən-ilə bu prosesi daha səmərəli qurmaq, təkmilləşdirmək üçün yeni-yeni üsullardan, metodlardan istifadə olunur. Bunu kimsə başqa cür yozmaq istəyirsə, onda dünyada gedən prosesləri, yəqin, izləmir. Çox sağ olun, minnətdaram, hökumətin fəaliyyətini müsbət qiymətləndirirəm, ona müsbət səs verəcəyəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Valeh müəllim. Sahib Alıyev.
S. Alıyev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! Mən də bu iclasın bayramqabağı keçirildiyini nəzərə alaraq hər kəsi təbrik edir, ailə səadəti, can sağlığı arzulayıram.
Hökumətin hesabatına gəldikdə, biz artıq hesabatla xeyli vaxt bundan əvvəl tanış olmuşuq. Eyni zamanda, hörmətli cənab Baş nazirin çıxışını da eşitdik. Əlbəttə, hesabat yetərincə savadlı, hərtərəfli hazırlanmış bir hesabatdır. Bu hesabat olmasa belə, bütövlükdə hökumətin keçənilki fəaliyyətinə qənaətbəxş qiymət vermək olardı. Ən azı ona görə ki, ötənilki fəaliyyətin nəticəsi olaraq, Azərbaycan artıq Böyük iyirmilərin toplantısına dəvət alan ölkələrdən biridir. Artıq bu, Azərbaycanın iqtisadi gücünün beynəlxalq səviyyədə təsdiqi idi.
Məndən öncə edilən çıxışlarda da, deyildi cənab Sədr, Siz də dediniz, Baş nazir də xatırlatdı, Dünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanın MDB ölkələri içərisində birinci yer tutduğunu təsdiqlədi. Adətən, bu qəbildən olan uğurlar haqqında o qədər eşitmişik ki, bəzən bizə çox adi gəlir. Amma mən bir fakta diqqət yetirmək istəyirəm. Rusiyada keçirilən prezident seçkisi ərəfəsində cənab Putin keçirdiyi seçki kampaniyasında bu məsələyə diqqət yetirərək dedi ki, Rusiya Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə MDB ölkələri içərisində heç də ürəkaçan bir yerdə deyil. Biz bunun qarşısını almalı, bu yöndə dönüşlü irəliləyişə nail olmalıyıq.
Ötənilki fəaliyyətdə ən çox diqqət çəkən nədir? Məndən öncə edilən çıxışlarda da xatırladıldı ki, hazırda bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının beşdə dördünü, təqribən 83–84 faizini Azərbaycan iqtisadiyyatı təşkil edir. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, Sovet İttifaqı dağılanda Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının təqribən 40–45 faizini təşkil edirdi. Düzdür, Azərbaycan həmişə bu bölgədə özünün iqtisadi və insan potensialına görə lider mövqedə olub. Amma tarixdən də və indi də görürük ki, bu bölgədə lider rolunda görmək istədikləri dövlət tamam başqa bir dövlət olub, Azərbaycan olmayıb. Azərbaycan bu mövqeyə ulu öndərin uğurlu strategiyası, cənab Prezidentin gərgin əməyi nəticəsində gəlib çıxıb. Son zamanlar fəaliyyətdə yeni bir meyil hiss edirik ki, bu da artıq bu liderliyin mütləq, dayanıqlı və davamlı liderliyə çevrilməsidir. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan təkcə iqtisadi potensial, insan potensialı baxımından deyil, eyni zamanda, hər bir sahə – təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, humanitar və hərbi sahələrdə də bölgədə öz liderliyini göstərməlidir, özü də konkret faktlarla.
Az öncə çıxışlarda deyildi. İki deputat həmkarım, həm Musa Qasımlı, həm də Gülər Əhmədova Fövqəladə Hallar Nazirliyinin keçən il Türkiyədəki, eyni zamanda, digər ölkələrdəki yüksək səviyyəli fəaliyyətini xatırlatdılar. Mən başqa bir nazirliyin – Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı demək istəyirəm. Müdafiə Sənayesi Nazirliyi 600-dən artıq müxtəlif növlü hərbi məmulat buraxır. Bölgədə belə bir nazirlik yoxdur. Qeyd etməliyik ki, artıq bizim hərbi sənaye kompleksimiz elə hərbi məmulatlar, hərbi texnika buraxır ki, hətta Rusiya bunları buraxa bilmir. Söhbət pilotsuz təyyarələrdən gedir. Əlbəttə, bütün bunlar yüksək makroiqtisadi göstəricilərdir. Dövlət başçısının qeyd etdiyi kimi, əgər bu göstəricilər insanın həyatında özünü göstərmirsə, bu haqda danışmaq o qədər də ürəkaçan olmur.
Cənab Baş nazir də çıxışında qeyd etdi ki, əhalinin gəlirləri 20 faiz artıb. Mən bu günlərdə bir statistika ilə tanış oldum. Ötən il Azərbaycan Respublikasının Beynəlxalq Bankına qoyulan əmanətlərin sayı 250 milyon manat olub, artıb. 2002-ci ildə Beynəlxalq Banka cəmi 50 milyon manat əmanət qoyulmuşdu. İndi orada 969 milyon manata yaxın əmanət var. Azərbaycan əhalisinin banklarda olan  miqdarı təxminən 2 milyard 350 milyon manat civarındadır. Bu uğurlu makroiqtisadi göstəricilər insanların həyat və fəaliyyətlərində də özünü göstərir.
Burada korrupsiya faktlarından danışıldı. Bilirsiniz, bəzən bizim bəzi həmkarlar da elə başa düşürlər ki, yüksək vəzifəli məmurun tutulması korrupsiyaya qarşı mübarizədir. Amma orta səviyyəli məmurun tutulması artıq rüşvətxorluğa qarşı mübarizədir. Yaxud da, bu, kampaniyadır və sair. Əslində, hətta bir neçə yüksək vəzifəli məmurun tutulması korrupsiya faktı ilə bağlı, sadəcə, kampaniya olardı. Azərbaycanda isə kampaniya aparılmır. Azərbaycanda bu, birinci struktur islahatları vasitəsilə aparılır.
Mən bir neçə il bundan öncəki vəziyyəti xatırlayıram. Əgər xatırlayırsınızsa, qaz və elektrik haqqının heç 30–40 faizi hesaba keçmirdi. Amma indi 90 faiz səviyyəsindədir. Bu nəyin nəticəsidir? Bu, aparılan struktur islahatlarının, oradakı şəffaflığın artmasının, əliəyriliyin aradan qaldırılmasının nəticəsidir. Biz Milli Məclisdə şəffaflığın yüksəldilməsi yönündə nə qədər qanunvericilik aktları qəbul etmişik.
Burada bəzən çox populist çıxışlar edilir. Bəzən hətta gülməli həddə gəlib çıxır. Yumurtadan yun qırxmaq məntiqi ilə danışıb deyirlər ki, parklara, sosial infrastruktura bu qədər pullar qoyulur, bəs bunun nəticəsini biz niyə görmürük? Məgər park istehsal obyektidir ki, biz onun hansısa bir nəticəsini görək? Bu, insanların sağlamlığı, istirahəti üçün xərclənən vəsaitlərdir.
Bir məsələyə də diqqət çəkmək istəyirəm. Nazirlər Kabinetinin 2011-ci ilin iqtisadi yekunlarına həsr olunmuş iclasında cənab Prezident 2 amilin adını yanaşı çəkdi: ərzaq təhlükəsizliyi və informasiya təhlükəsizliyi. Ərzaq təhlükəsizliyi məsələsində önəmli addımlar atılır. Parlament səviyyəsində də artıq bununla bağlı qanun qəbul etmişik. Ümid edirəm ki, bu yolda uğurlar əldə ediləcək. İnformasiya təhlükəsizliyi məsələsinə gəldikdə, bu olduqca aktual məsələdir. Bununla bağlı qanunvericilik təşəbbüsü subyektləri olan orqanların yeni bir qanun hazırlamasına ehtiyac var. Az öncə həmkarım məktəblərdə media təhlükəsizliyindən danışdı. Əslində, media təhlükəsizliyinin tədrisi Avropa ölkələrində çoxdan tətbiq edilir. İndiki dövrdə bu olduqca aktualdır.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. Mən bilmirəm, Azərbaycanda media istehlakçılarının neçə faizi özlərinin xəbəralma, bilgilənmə və əylənmə tələbatlarını yerli media qurumları hesabına ödəyirlər. Amma bölgələrdəki saysız-hesabsız boşqab antenləri göstərir ki, bu faiz azdır. Bu, informasiya təhlükəsizliyi baxımından olduqca önəmli məsələdir. Azərbaycanın bugünkü ideal iqtisadi imkanlarını nəzərə alsaq, fikirləşirəm ki, hökumət bu məsələyə diqqət yetirməlidir. Biz bu sahədə ön yerlərdən birini tuta bilərik. Elektron informasiya vasitəsi yüksək miqdarda vəsait tələb etdiyindən, mənə elə gəlir ki, indi bizim buna imkanımız da var. Bu məsələ diqqətdən kənarda qalmamalıdır.
Bir də, sonda təmsil etdiyim Tərtər rayonu ilə bağlı bəzi məsələləri demək istəyirəm. Tərtər rayonu cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində görülən bütün işlər təkcə iqtisadi, sosial, humanitar əhəmiyyət daşımır, həm də ümumölkə əhəmiyyəti daşıyır. Ümumiyyətlə, cəbhə bölgələrinə qoyulan yatırımlar, buradakı quruculuq işləri, eyni zamanda, hərbi xarakter daşıyır. Birinci, düşmən bunu öz gözləri ilə görür, nəticə çıxarır. İkinci, insanların özlərinə, öz dövlətlərinə inamı artır. Tərtərdə qazlaşma məsələsində bir az geriləmə var. Eyni zamanda, orada Olimpiya İdman Kompleksinin tikintisinə ehtiyac var. Sərhədyanı kəndlərdə, cəbhə xətlərində yol çəkilişi məsələsi diqqətdə saxlanılsaydı, son dərəcə yaxşı olardı.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, cənab Baş nazir, hörmətli nazirlər, qonaqlar! Mən sizin hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm, uğurlar arzulayıram.
Bu gün hökumətin hesabatı ilə bağlı çıxışımı bir məsələyə diqqət yönəltməklə başlayıram. Bilirsiniz ki, bizim müdafiə naziri İranda olarkən bəyan etmişdir ki, Azərbaycan hərbi yolla öz torpaqlarını azad edə bilər. Bunun ardınca dünən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bizim müdafiə nazirinin bu açıqlamasını “təxribatçı bir ritorika” adlandırıb və bundan imtinaya çağırıb. Bildirib ki, bunun qarşılığında xalqlar müharibəyə deyil, sülhə hazırlanmalıdırlar. Mən hesab edirəm ki, əslində, bu açıqlamanı verən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti təxribatla məşğuldur. Ona görə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, dünyanın super gücüdür və həmin qətnamələrin icrası ilə bağlı bu günə qədər işğalçı dövlətə heç bir təzyiq etməyib. Ona görə də təəssüf edirəm ki, bizim xarici işlər naziri bu cür təxribatçı bir açıqlamaya lazımi reaksiyanı verməyib.
Digər bir məsələ, burada qeyd olundu ki, guya Almaniya bizim dostumuzdur. Mən, sözün doğrusu, düşünürəm ki, hətta düşmənimiz olan ermənilər də Azərbaycanı tənqid edirlərsə, biz həmin tənqidə diqqətlə yanaşmalıyıq. Əgər tənqid ədalətlidirsə, göstərilən nöqsanları aradan qaldırmağa çalışmalıyıq. Amma olan və olmayan nöqsanlar hansısa siyasət, başqa məqsədlər naminə qabardılırsa, sözsüz, buna etiraz etməliyik, bu bizim haqqımızdır. Misal üçün, Almaniyanın televiziyalarında bizim bir milyon qaçqının hüquqlarının tapdanması, onların acılı, əzablı yaşayışları barədə bircə dəfə veriliş getsəydi, yaxud bir qəzetində normal bir məqalə yazılsaydı, mən razı olardım ki, Azərbaycanda kimin isə toplaşma hüququnun pozulmasından 5–10 dəfə yazsınlar. Görəndə ki, bir milyon insanın haqqı tapdalanır və buna heç bir reaksiya yoxdur, amma digər hüquq pozuntularından danışılır, o zaman burada başqa maraqların olduğunu söyləmək bizim haqqımızdır.
Mən vaxtilə parlamentin tribunasından Xocalı soyqırımı ilə bağlı müzakirələrdə bu barədə demişdim. Amma təkrar biliyin anasıdır. Bir daha xatırladıram. Biz Almaniyanı hansı mənəvi haqq ilə Azərbaycanın dostu adlandırırıq? Xatırlayırsınızsa, Liviyada diktator Qəzzafi öz azadlıq istəyən xalqını “siçovul” adlandırıb, onu qıracağını bəyan edəndə və buna çox yaxın olanda, artıq müxalifətin əsas dayaq nöqtəsi olan Benqazi şəhərinə çatmağa bir neçə kilometr qalanda, minlərlə insanın həyatından söhbət getdiyi bir zamanda Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü kimi Rusiya ilə birlikdə Qəzzafinin fəaliyyətinin dondurulması ilə bağlı qətnamə layihəsinə səs vermədi. Söylədi ki, bu, Liviyanın daxili işidir. Bu gün Azərbaycandakı problemlərdən yazan Almaniya mətbuatı o zaman Liviya hökumətinə haqq qazandırdı.
Bundan başqa, biz Türkiyədən ordumuz üçün silah alanda özüyeriyən artilleriya qurğularının mühərriklərini Almaniya satırdı. Almaniya həmin mühərrikləri Türkiyəyə satmadı ki, siz bunu Azərbaycana verirsiniz. Biz hansı əsasla deyirik ki, Almaniya bizim dostumuzdur? Bundestaqda qərar qəbul olunub ki, bəli, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Amma real addım atılırmı? Əksinə, Türkiyədən tələb olunur ki, işğalçı dövlətə sanksiya tətbiq etmək əvəzinə sərhədləri açsın. Xatırlayırsınızsa, mart ayında Bundestaqın işçi qrupu tərəfindən belə bir müraciət hazırlanmış və qəbul olunmuşdu. Ona görə də hesab edirəm ki, biz ictimai fikri çaşdırmamalıyıq, öz ictimaiyyətimizə real vəziyyət barədə məlumat verməliyik.
Mən indi hökumətin hesabatı ilə bağlı bəzi məsələlərə diqqət yönəltmək istəyirəm. İlk öncə Naxçıvandan başlamaq istəyirəm. Bilirsiniz ki, Naxçıvan düşmən dövlətlərin əhatəsindədir. Naxçıvana yanacaq, sənaye malları İran ərazisindən daşınır. İranda bizim sürücülərə, İran ərazisindən Naxçıvana gedən vətəndaşlarımıza xeyli dərəcədə ciddi problemlər yaradılır. Vaxtilə də bu məsələ qaldırılmışdı. Amma çox təəssüf ki, onun həlli yubadılır. Qarsdan Naxçıvana dəmir yolu, Ərzurumdan Naxçıvana qaz kəmərinin çəkilməsi məsələsi həll olunmalıdır. Yəni biz bilirik ki, Ermənistanın hərbi-siyasi müttəfiqi kimi İran istənilən vaxt Azərbaycana münasibətdə ən neqativ addımlar ata bilər. Buna görə də belə məsələləri hökumət diqqətdə saxlamalıdır.
Bundan başqa, vaxtilə Naxçıvanda üzümçülük əsas sahə idi, şərab zavodları, emal müəssisələri var idi. İndi üzümçülük sıradan çıxıb, orada ancaq taxıl əkilir. Taxılın istehsalında texnikadan istifadə olunur, yəni işçi qüvvəsi az tələb olunur. Orada insanlar üçün yeni iş yerləri açmaq lazımdır. Mənim seçildiyim Ordubad rayonunda vaxtilə iki böyük müəssisə – baramaçılıq fabriki, konserv zavodu var idi. Culfa rayonunda iki böyük şərab zavodu var idi. İndi bunların heç biri işləmir. Hesab edirəm ki, hökumət bu sahədə doğru bir addım atmalıdır. Naxçıvanda yığılan avtomobillərin 300-dən çoxunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər üçün alır. Dövlət ehtiyacları üçün avtomobillər oradan alınmalıdır. Biz Naxçıvanı minik avtomobilləri istehsal edən sənaye mərkəzinə çevirə bilərik. Gəncəni də yük avtomobilləri istehsal edən bir mərkəzə çevirə bilərik. Naxçıvanın əhalisinin iş dalınca Azərbaycanın digər bölgələrinə, Rusiyaya, Türkiyəyə getməsinin qarşısını almaq üçün bu istiqamətdə hökumət ciddi addımlar atmalıdır. Orada iş yerlərinin yaradılması barədə xüsusi dövlət proqramı qəbul olunmalıdır. Oraya məqsədli investisiya yönəldilməlidir.
Başqa bir məsələ burada qeyd olundu. Mən zaman-zaman hörmətli Elman müəllimə burada bu məsələlərlə bağlı suallar vermişəm. Bir neçə il bundan öncə mən söyləyirdim ki, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi Azərbaycan banklarında saxlanılmır? Əgər hökumətimiz öz bankımıza inanmırsa, vətəndaşımız niyə bu banklara inanmalıdır? Bizim banklarımız xaricdən Azərbaycana vəsait cəlb edib gətirir və yüksək faizlərlə insanlara verirlər. İndi mən bizim hökumət üzvlərindən soruşuram, əgər sahibkar banklardan 15–16, 20–22 faizlə vəsait götürürsə, o, hansı rentabelli müəssisə yarada bilər? Mən hesab edirəm ki, yarada bilməz və ona görə də yaradılmır. Vaxtilə Prezidentin də göstərişi olmuşdu ki, həmin vəsaitin bir hissəsi Azərbaycan banklarında yerləşdirilməlidir. Mən hökumətin hesabatından oxuyuram ki, Dövlət Neft Fondunun idarə olunması ilə əlaqədar gəlirlilik 0,83 faizdir. Gətirin, verin bu banklara ki, onlar da camaata kredit versinlər. Əgər həmin pulların burada inflyasiya yaradacağını düşünürsünüzsə, onsuz da özəl banklar xaricdən vəsait gətirir və böyük faizlərlə insanlara verirlər.
Bundan başqa, sahibkarlığa yardım üçün kreditlər verilir. Bu kreditlərin məbləği olduqca kiçikdir. Kiçik vəsaitləri götürənlər çox vaxt bundan məişət problemlərinin həlli üçün istifadə edirlər, qız köçürürlər, oğlan evləndirirlər. 20–30 min manatla iş yerləri açmaq olmaz. Bu məbləğlər də artırılmalıdır.
Bundan başqa, biz artıq bazar iqtisadiyyatına keçmişik. Mən əvvəllər də söyləmişəm, səhiyyəyə nə qədər pul ayırsaq da, buradakı problemləri həll edə bilməyəcəyik. Səhiyyə obyektləri özəlləşdirilməlidir. Dövlət universitetləri özəlləşdirilməlidir. Buraya Təhsil krediti haqqında qanun layihəsi gəldi. Çox təəssüf, biz bunu hələ müzakirəyə çıxarmamışıq. Həmin qanun qəbul olunmalıdır. Çalışmalıyıq ki, dövlətin büdcə xərclərini azaldaq.
Vaxt az qaldığı üçün başqa məsələlərə toxuna bilmirəm. Çox təəssüf ki, Azərbaycanın üzləşdiyi haqsız tənqidlərdən biri də guya narkotiklərə qarşı ciddi mübarizə aparmaması, Azərbaycanın narkotiklərin daşındığı tranzit bir yerə çevrilməsidir. Bu ədalətsizlikdir. Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi dövriyyədən kifayət qədər narkotik çıxarıb. Biz həmin avadanlıqları Avropadan alırıq. Avropa ilə bizim aramızda da gömrük sərhədi var. Yaxşı, əgər bunu tutmaq bu qədər asandırsa, biz tuta bilmirik, siz tutun. Amma biz tuturuq, siz tutmursunuz. Özü də deyirsiniz ki, bu narkotik Avropaya daşınır. Onda niyə tutmursunuz? Axı, bu, Avropaya daşınır. Mən narkotik məsələlərinə ona görə toxunuram ki, biz bununla əlaqədar Cinayət Məcəlləsinə də baxmalıyıq.
Cinayət Məcəlləsinə görə heroin tipli narkotik maddələrin cəmi 0,5 qramdan artığının üstündə tapıldığı şəxs cinayət məsuliyyətinə cəlb olunur. Hüquq müdafiəçilərinin söylədiklərinə görə həbsxanada olanların üçdə birini narkomanlar təşkil edirlər. Narkomanlıq cinayətkarlıq deyil. Bəli, narkoman potensial cinayətkardır. Ona görə ki, narkoman narkotik sərxoşluq altında cinayət törətməyə meyilli olur, özünə nəzarəti zəifləyir. Amma mən hesab etmirəm ki, bütün narkomanları biz həbsxanalara doldurmalıyıq. Burada hörmətli həkimlərimiz əyləşiblər. Onlar da bilirlər ki, bu bir xəstəlikdir. Mən hesab edirəm ki, hökumət bu istiqamətdə də öz siyasətinə yenidən baxmalıdır. Çox təəssüf ki, vaxtım başa çatdı. Mən hesab edirəm, hökumət çox iş görə bilərdi. Çox təəssüf ki, bu imkanlar...
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün bizə təqdim olunan Nazirlər Kabinetinin hesabatında Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin rəhbərliyi altında Azərbaycan hökumətinin 2011-ci ildə gördüyü işlər tam doğruluğu ilə öz əksini tapmışdır. Mənə elə gəlir ki, 2011-ci ili ölkəmiz üçün uğurlu illərdən biri saymaq olar. Həm cənab Prezidentin titanik zəhməti, həm Azərbaycan təmsilçisinin Avrovision mahnı müsabiqəsində qələbəsi, həm də Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunu deməyə əsas verir.
Bildiyiniz kimi, ölkə əhalisinin hər 10 nəfərindən biri qaçqın və məcburi köçkündür. Seçicilərim olan məcburi köçkünlər daim cənab Prezidentin qayğısını hiss edirlər və eyni zamanda, həmin məcburi köçkünlər cənab Prezidentin sosial dayağıdır. Onların sayı bir milyondan çoxdur. Keçən il ölkə başçısının sərəncamı ilə məcburi köçkünlərə verilən müavinət 10 faiz artıbdır. 2011-ci il dekabr ayının 24-də cənab İlham Əliyev Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbənin açılışında məcburi köçkünlərlə görüşündə demişdir: “Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq, sözlər deyil. Sadəcə olaraq, bizim arzularımız deyil, bu həqiqətdir”.
Digər tərəfdən, cənab Prezident ürəkdən gələn səmimiyyətlə Laçın camaatına bildirdi ki, biz hamımız bir ailəyik, mən ailəmin içərisindəyəm. Həmin sözlər Azərbaycan cəmiyyətinə, əlbəttə, böyük təsir göstərdi. Bu fikirlər bir daha onu göstərir ki, ölkənin ən böyük problemi olan Qarabağ problemi cənab Prezidentin daim diqqətindədir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olduğu dövrdə biz ikinci dəfədir ki, hökumətin hesabatını dinləyirik. Bildiyiniz kimi, 4 il əvvəl başlayan ümumdünya iqtisadi böhranı başa çatsa da, onun təsirləri ötən ildə də hiss olunmaqda davam etmişdir. Böhranın nəticələrini aradan qaldırmaq üçün bir sıra dövlətlər əmək haqlarının, sosial müavinətlərin və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşmişlər. Xüsusən də Avropada. Çox yaxşı haldır ki, bu bizim ölkədə müşahidə olunmamışdır. Əksinə, ötən il büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda əmək haqqı orta hesabla 10 faiz artırılmışdır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Mərkəzi Bankının gördüyü tədbirlər nəticəsində milli valyutamız olan manat ABŞ dollarına nisbətdə 1,5 faiz möhkəmlənmişdir.
Bizim son illər qəbul etdiyimiz və hökumətin layiqincə həyata keçirdiyi büdcələr sosial və investisiya yönümlü olmuşdur. Bunun nəticəsidir ki, Beynəlxalq böhran qrupunun fevral ayında Dağlıq Qarabağ, ona bitişik 7 rayondan zorla deportasiya olunmuş 600 min nəfərdən çox məcburi köçkünün problemlərinə həsr olunmuş məruzəsində problemin ən yaxşı həlli yolunun bu insanların öz doğma yurdlarına qaytarılması olduğu göstərilmişdir. Bununla yanaşı, hökumətin bu insanların həyat şəraitinin artan neft gəlirləri sayəsində yaxşılaşdırılması ilə bağlı fəaliyyətinin intensivləşdiyi xüsusi qeyd edilmişdir.
Bildiyiniz kimi, mən 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsindən deputat seçilmişəm. Bütün Azərbaycan xalqı 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana ərazi iddialarından zərər çəkmişdir. Amma ən çox ziyan çəkən insanlar ümummilli liderimiz möhtərəm Heydər Əliyevin dediyi kimi, ölkənin ən zərif təbəqəsi olan məcburi köçkünlərdir. Belə ki, bu insanlar ata-baba yurdlarına həsrət qalmaqla yanaşı, çox sayda şəhidlər də vermişlər. Mənim də cənab Baş nazirin diqqətinə çatdırmaq istədiyim məsələ bundan ibarətdir.
Hörmətli Artur müəllim, 2008-ci ildə cənab Prezident şəhid ailələrinin sosial problemlərinə kömək məqsədi ilə hər bir şəhid ailəsinə daimi müavinət ödənilməsi barədə sərəncam verdi. Mənim seçicilərim olan şəhid ailələri mənə yazılı və şifahi şəkildə dəfələrlə müraciət ediblər. Problem nədən ibarətdir? Xeyli faktlar var ki, əsgər düşmənlə döyüşdə yaralanır və bir müddət keçəndən sonra aldığı həmin yaradan dünyasını dəyişir. Bu halda ona şəhid statusu verilmir. Vətəndaşlarımız bunu ədalətli saymır və problemin həlli üçün deputat kimi bizdən haqlı olaraq kömək umurlar. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı var. Bu qərarda şəhid adının kimlərə verilməsi qaydası və onların hüquqları müəyyən edilir. Bu qərar qəbul ediləndən keçən 18 il ərzində ona müxtəlif vaxtlarda əlavələr edilərək daha da mükəmməlləşdirilmişdir. İndi bu problemi aradan qaldırmaq üçün mənə elə gəlir ki, həmin qərara təqribən aşağıdakı redaksiyada bir bənd əlavə etmək olar: “Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən yaralanmış və sonradan bu yaradan vəfat etmiş şəxslər”.
Nazirlər Kabinetinin keçən il qəbul etdiyi qərarların böyük bir qismi, 18 qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Cənab Baş nazir, tam dəqiq olmayan məlumatlara görə, ölkədə, bayaq dediyim kimi, yaralanmadan ölənlərin sayı cəmi 400 nəfərdir. Mən konkret olaraq adlar da çəkə bilərəm. Amma bununla vaxtınızı almaq istəmirəm. Mənə elə gəlir ki, belə bir qərar qəbul edilərsə, həm vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə kömək göstərmiş, həm də bu problemi həll etmiş olarıq.
Bir neçə kəlmə Artur müəllimin şəxsi peşəkarlıq keyfiyyəti haqqında demək istəyirəm. Bilirsiniz ki, Artur müəllim, hörmətli Baş nazir ali texniki təhsilə malikdir. Adətən, ali texniki təhsil alan insanlar məsələləri, problemləri daha konkret görə bilirlər və məsələnin qoyuluşunun konkret də həlli yollarını göstərirlər. Mən köçkün rayonların icra başçıları ilə dəfələrlə söhbət etmişəm. Onlar deyirlər ki, bizim Artur müəllimlə heç bir problemimiz yoxdur. Bu sözləri mən keçən il də demişdim və bir daha təkrarlamaq istədim. Ümumiyyətlə, hörmətli Sədr, mən hesab edirəm ki, son bir ildə hökumət yaxşı işləmişdir. Bir daha dediklərimi nəzərə alaraq mən Azərbaycan hökumətinin 2011-ci ildəki işini yaxşı qiymətləndirirəm və hesabatın bəyənilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Sözün əsl mənasında bu gün Azərbaycan hökumətinin hesabatı çox ətraflı müzakirə olunur. Milli Məclisə təqdim olunan hesabat özünün zəngin strukturu, iqtisadi araşdırmaları, bütövlükdə dəqiq ümumiləşdirilmələri ilə fərqlənir və bu bir daha göstərir ki, Azərbaycan hökuməti dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasını uğurla həyata keçirir.
Mən hesabatın ayrı-ayrı bölmələri, xüsusilə iqtisadi fəaliyyət ilə əlaqədar bölmələri haqqında danışmaq fikrində deyiləm. Ancaq bir neçə məsələ barədə millət vəkillərinə daha dəqiq məlumat vermək istərdim. Müstəqilliyin ilk illərində Azərbaycanın istər müxalifət, istərsə də dövlət mətbuatında iqtisadi azadlıq kateqoriyası ilə əlaqədar çoxsaylı yazılar gedirdi. Hələ mən XX əsrin sonlarında bu məsələ ilə əlaqədar fikirlərimi açıqlamışdım.
Azərbaycana gələn xarici ekspertlər nəyin bahasına olursa-olsun öz şərtlərini Azərbaycan xalqına yerinə yetirtmək üçün Azərbaycanı iqtisadi cəhətdən azad olmayan ölkələr sırasına salırdılar və aşağıdakı dəlilləri əsas götürürdülər: Azərbaycanda bazar strukturları, xüsusi mülkiyyətin inkişafı üçün imkan yoxdur, qəbul edilən qanunlar da çox zəifdir. İllər keçir. Bu gün Azərbaycan dünya ölkələri içərisində iqtisadi cəhətdən azad ölkələr sırasına daxildir. Bunu şərtləndirən cəhətlərdən biri nədir? İlk növbədə Azərbaycanda özəl sektorun fəaliyyəti. Bu gün ümumi daxili məhsulun 80 faizindən çoxu özəl sektorda yaradılır. Özəl sektor iqtisadi azadlıq dərəcəsini müəyyən edən əsas göstəricilərdən biridir. Əgər Azərbaycan iqtisadi cəhətdən azad ölkə olmasaydı, Azərbaycana son illərdə 100 milyard dollar investisiya qoyulmazdı. Xarici investor ilk növbədə bu və ya digər ölkəyə sərmayə qoyarkən özünün marağını, mənfəətini güdür. Marks da, David Rikardo da deyib ki, kapital mənfəət olan yerə axır. Azərbaycana gələn 100 milyard dollar, heç şübhəsiz ki, xarici investorlar üçün də mənfəət gətirmişdir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı üçün də əlverişli olmuşdur.
Bu gün cəsarətlə demək olar ki, hörmətli millət vəkilləri, Azərbaycanda inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən bütün bazar strukturları vardır. Təbii ki, bunların inkişaf səviyyəsi müxtəlifdir. İngiltərədəki azad bazar münasibətləri ilə Azərbaycandakı bazar münasibətlərinin dinamikasını eyniləşdirmək səhv olardı. Nə üçün bu gün bəzi ekspertlər Azərbaycanda iqtisadi azadlıq məsələsini yenidən ortaya atırlar? Ulu öndər Heydər Əliyevə nə qədər təzyiqlər oldusa, Dövlət Neft Şirkətini özəlləşdirmədi. O bilirdi ki, əgər Dövlət Neft Şirkəti, ölkənin strateji resursları özəlləşdirilsə, ölkə məhv olacaq, müstəqilliyini itirəcək, bütövlükdə xarici ölkələrin ayaqaltısına çevriləcəkdir. Ona görə Heydər Əliyev çox böyük uzaqgörənliklə Dövlət Neft Şirkətini özəlləşdirmədi və biz də bu gün bunun çox zəngin nəticələrini görürük.
Cənab İlham Əliyev Prezident seçilmək ərəfəsində dedi ki, nə üçün bizdə ola-ola, malları xaricdən gətirək? Bu, bəzi xarici ekspertlərin xoşuna gəlmədi. Əgər azad bazar münasibətləri deyiriksə, deməli, sərhədlər açılmalıdır, kim nə istəyirsə götürsün? Amma dünya təcrübəsi, dünya iqtisadiyyatında baş verən bugünkü proseslər göstərir ki, gənc ölkələr ilk növbədə öz milli iqtisadiyyatlarını formalaşdırmalıdırlar. Biz daxili bazarı sivil yollarla qoruyuruq və bu da bəzi ekspertlərin, xarici şirkətlərin, dairələrin xoşuna gəlmir. Azərbaycan öz müstəqilliyini qorumaq, xalqının yaşayışını təmin etmək, məşğulluğu artırmaq istəyirsə, heç şübhəsiz, daxili bazarı sivil normalarla qorumalıdır.
Mən, cənab Sədr, məlumat üçün bildirim ki, bu yaxınlarda Dünya Bankı və Azərbaycanın Mərkəzi Bankı çox gözəl bir tədbir keçirdi. Dünyanın ən aparıcı, tələbkar ekspertləri, keçmiş baş nazirlər, prezidentlər Azərbaycana təşrif gətirmişdilər. Buraya gələnə qədər onlar bir ildən çox hazırlıq işləri aparmışdırlar. Onların hamısı birmənalı şəkildə vurğuladı ki, Azərbaycanda azad bazar münasibətləri üçün çox geniş imkanlar yaradılıb. Cənab Prezidentin 2020-ci illə əlaqədar müəyyən etdiyi strategiyanın reallaşdırılmasına biz də öz dəstəyimizi vermək istəyirik. Hətta Çilinin sabiq Prezidenti birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan sivil yollarla inkişaf edir.
Dünyada çox güclü lider şəxsiyyətlərdən sayılan, hazırda Malayziyanın Prezidenti, keçmiş Baş naziri burada idi. Bu adam 22 il ölkəyə başçılıq edib. Onun gəldiyi nəticə nədən ibarətdir? Ondan ibarətdir ki, biz azadlığımızı, müstəqilliyimizi ağır şərtlərlə borc almayaraq qoruya bilərik. Mən ondan sitat gətirmək istəyirəm. O deyir: “Əgər biz Beynəlxalq Valyuta Fonduna ağır şərtlərlə müraciət etsəydik, onlar bizi o qədər ağır işlərə məcbur edəcəkdilər ki, bu gün nə Malayziya milləti, nə Malayziya cəmiyyəti, nə də Malayziya dövləti olacaqdı”.
Azərbaycan bu mərhələni uğurla başa vurub. Bizim iqtisadi cəhətdən azad ölkə qurmağımızın əsas nəticələrindən biri ondan ibarətdir ki, biz borcalan ölkədən borcverən ölkəyə çevrilmişik. Bu da, şübhəsiz, azad bazar münasibətləri, iqtisadi azadlığı xarakterizə edən institutlar olmadan qeyri-mümkündür. Hörmətli İqbal müəllimə çox hörmətim var, ancaq onun bəzi ekspertlərin “Azərbaycan iqtisadi cəhətdən azad olmayan ölkədir” fikrini səsləndirməsi, onları müdafiə etməsi ilə heç cür razılaşa bilmirəm. İspaniya fermerləri ümumdünya böhranı çərçivəsində Fransaya ərzaq məhsulları gətirərkən fransız fermerləri həmin ərzaqları ayaqları altına saldılar, tapdaladılar. Halbuki hər ikisi Avropa Birlyinin üzvüdür, yüksək demokratiyadan danışır, ikisi də Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Biz isə daxili bazarı qorumurduq, indi qoruyuruq. Ət istehsalını artırırıq, quşçuluq müəssisələri yaradırıq. Taxıl istehsalını artırır, üzümçülük proqramını həyata keçiririk. Bütövlükdə ölkənin ixrac potensialına da xidmət göstərən məhsullar istehsal edirik. Ona görə də dövlətin aqrar sektora dəstəyini uzun müddət davam etdirməliyik. Bu dəstək Avropa ölkələri ilə müqayisədə son dərəcədə azdır. Bu gün Azərbaycan fermerinə edilən kömək Avropa fermerlərinə edilən köməkdən 10–15 dəfə azdır.
Digər məsələ reytinq agentlikləri ilə bağlıdır. Mən dəfələrlə demişəm və bu gün də cəsarətlə deyirəm ki, xaricin bir çox reytinq agentlikləri milli mənafelərə zidd fəaliyyət göstərir. İş o yerə gəlib çatdı ki, Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, Almaniya hökumətləri reytinq agentlərini ölkələrinin iqtisadiyyatı ilə əlaqədar nəticələri açıqlayanda onlara qarşı ittiham irəli sürdülər. Reytinq agentlikləri müəyyən siyasətin arxasında dayanırlar.
Cənab Baş nazir haqlı olaraq ölkənin iqtisadiyyatında baş verən iqtisadi prosesləri 2003-cü illə müqayisə edir. Nə üçün? 2003-cü ildə dövlət başçısı seçilib. Dünyada qəbul olunmuş belə qayda var. Hər bir ölkə Prezidentinin fəaliyyəti seçildiyi andan, dövlətə rəhbərlik etdiyi müddət ərzində apardığı iqtisadi və xarici siyasətlə müəyyən edilir. Cənab Prezident 2003-cü ildə seçildikdən sonra Azərbaycan iqtisadiyyatında baş verən prosesləri iqtisadi rəqəmlər açıq-aşkar göstərir. Burada kifayət qədər materiallar var, ona görə də bu müqayisə obyektivdir. Bu, dünya iqtisad elmində qəbul edilmiş bir metoddur, iqtisadi təhlil üsuludur. Hökumət də haqlı olaraq bu hesabatı hazırlayarkən həmin məsələlərə müsbət münasibətini bildirib.
Mən bir məsələ ilə heç cür razılaşa bilmirəm. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatları var ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 4–5 dəfə azalıb. Biz hansı rəqəmlərə əsaslanaraq deyə bilərik ki, burada yoxsulluq 23–25 faizdir. Yoxsulluq nisbi göstəricidir. Ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, təbii, əmək haqqının artım dinamikası da yüksəlməlidir. Əgər yüksəlmirsə, yoxsulluğun səviyyəsi arta bilər. Amma bu gün burada hörmətli Vahid müəllim də, digər çıxış edənlər də dedilər ki, böhran illərində Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmadı. Mərkəzi Bank, ölkə üçün nə qədər çətin də olsa, əhalinin sosial müdafiəsini...
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Buyurun, İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri! Mən də fürsətdən istifadə edərək xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Möhtərəm cənab Prezidentimiz başda olmaqla Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edirəm.
Hesab edirəm ki, 2011-ci ildə qarşıda duran sosial-iqtisadi məsələlərin həlli istiqamətində Nazirlər Kabinetinin fəaliyyəti uğurlu olmuşdur. Biz hörmətli cənab Baş nazirin bu barədə çıxışını çox diqqətlə dinlədik və bizə paylanmış sənədlərlə də yaxından tanış olmuşuq. Əlbəttə, bunu şərtləndirən ən əsas amil məhz cənab Prezidentimiz İlham Əliyevin Heydər Əliyev siyasi və iqtisadi kursunun əvəzsiz davamçısı olaraq bu yolu uğurla davam etdirməsinin nəticəsidir. Məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illərdə dünyadakı mürəkkəb iqtisadi şəraitdə yaranmış çağırışlara, vəziyyətlərə adekvat və qabaqlayıcı cavab verə biləcək irimiqyaslı, məqsədyönlü islahatların aparılması ölkəmizin qüdrətini daha da artırmışdır.
Hörmətli millət vəkilləri, əslində, biz bu gün Nazirlər Kabinetinin illər uzunu çəkilmiş əziyyət nəticəsində əldə olunmuş sabit və dinamik inkişafın növbəti ilinin uğurunun hesabatını dinlədik. Qeyd etdiyim kimi, buna heç də asan nail olunmamışdır. Müxtəlif illərdə Azərbaycana müxtəlif beynəlxalq iqtisadi qurumlar və siyasi təşkilatlar tərəfindən təzyiqlərin, təhdid xarakterli təkliflərin və digər bu kimi cəhdlərin qarşısı möhtərəm Prezidentimiz tərəfindən qətiyyətlə alınmış və tam müstəqil iqtisadi siyasət həyata keçirilmişdir. Bu uğurlarımız da məhz aparılan müstəqil iqtisadi siyasətin nəticəsidir.
Hörmətli cənab Sədr, burada bir az əvvəl İqbal Ağazadə çox alovlu çıxış etdi və fikir yaratmaq istədi ki, sanki ölkəmizdə heç bir iş görülməyib. Mənə elə gəldi ki, İqbal Ağazadə, ümumiyyətlə, builki hesabatla tanış olmayıb. Ola bilər ki, 2005-ci ildə III çağırışın hesabatlarından yadda qalan rəqəmləri deyir. Azərbaycanda elə bir iqtisadi inkişaf var ki, artıq Azərbaycan dünyaya öz iqtisadi inkişaf modelini təqdim edir. 2012-ci ilin yanvar ayında dünyanın ən nüfuzlu iqtisadi forumu olan Davos forumunda məhz Azərbaycan hökumətinin, dövlətinin iqtisadi uğurlarının prezentasiyası keçirildi. İqtisadi cəhətdən inkişaf etmiş nəhənglər bunu dinlədilər və qəbul etdilər. Hər gün ölkəmizə müxtəlif ölkələrin prezidentləri, beynəlxalq təşkilatların nümayəndələri gəlirlər. Adam öz ölkəsi və Prezidenti ilə fəxr edir ki, qısa zaman ərzində belə iqtisadi inkişafa nail olmuşuq. Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatlarda, BMT-nin Siyasi Şurasında təmsil olunur. Bu, iqtisadi qüdrətimizin göstəricisidir. Amma çox təəssüf ki, deputat İqbal Ağazadə bunu bir piar hesab edir.
Mən nəzərinizə çatdırmaq istəyirəm ki, 2011-ci ilin uğurlarının ən əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan dövləti öz iqtisadi inkişaf modelinin başlıca istiqamətlərini müəyyənləşdirib. Qarşıdan gələn yaxın on ildə əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulu iki dəfə artırmaq və qeyri-neft sektorunda ümumi daxili məhsulun xüsusi çəkisini 80 faizə çatdırmaqdır. Bu, möhtərəm Prezidentimizin də çıxışlarında qeyd etdiyi əsas formul və şüardır. Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası möhtərəm Prezidentimiz tərəfindən qəbul olunub. Bu konsepsiya hər bir Azərbaycan vətəndaşına, Azərbaycan dövlətinə ünvanlanıb. Yəqin ki, 2020-ci ildə parlamentdə hökumətin hesabatını qəbul edən millət vəkilləri uğurlarımızın təməlinin məhz elə 2011-ci ildə qoyulduğunu xüsusi qeyd edəcəklər. Yəqin, hər birimizin yadındadır ki, bugünkü uğurlarımızı əvvəlki illər ərzində hesablanmış məqsədyönlü siyasət nəticəsində əldə etmişik.
Əlbəttə, hörmətli millət vəkilləri, hesabat ilində mənim diqqətimi çəkən ən əsas məsələlərdən biri də 2011-ci ildə dövlət büdcəsinin sosial yönümlülüyünün tam təmin edilməsidir. Əslində, büdcənin bütün parametrləri, son məqsədi sosial yönümlü büdcəmizin təmin olunmasına yönəlmişdi. Bu, tamamilə icra olunubsa, Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti, doğrudan da, uğurlu hesab edilə bilər. Mən tək sosial proqramları demirəm və bunlarla yanaşı, Azərbaycan dövləti özü də inkişaf edib. Bu illər ərzində infrastruktur layihələrinin ən nəhəngi olan yol, körpü tikintisinin yüksək səviyyədə aparılması regional inkişafa təkan vermişdir. Hamımız burada regionları təmsil edirik. Yol infrastrukturu ən ucqar regionlara belə inkişafı, iqtisadiyyatı daşıyır. Bu bizim fəxrimizdir. Artıq Azərbaycanda müxtəlif sahələrin inkişafı o qədər bərabər, yüksək səviyyədə gedir ki, hansı sahənin daha çox inkişaf etdiyinin müqayisəsini aparmağa məqam qalmır. Mən hesab edirəm ki, burada səslənən bəzi fikirlər Azərbaycan dövlətinə, bayaq deyildiyi kimi, qərəzli münasibəti nümayiş etdirir.
Hörmətli millət vəkilləri, bizim burada qaldırdığımız məsələlər heç də diqqətdən kənarda qalmır. Məsələn, mənim təmsil olunduğum Sosial siyasət komitəsinin üzvləri keçən il hesabat dinlənərkən Nazirlər Kabineti qarşısında məsələ qaldırmışdılar. Şəkərli diabet xəstələrinin təminatı Bakı şəhərində mərkəzləşmiş şəkildə aparılır. Ancaq rayonlarda belə xəstələrin büdcə hesabına dərmanla və digər vasitələrlə təmin edilmələrində məhdudiyyət var idi. Milli Məclisin rəhbərliyi qarşısında da bu məsələni qaldırmışdıq. Hörmətli Artur müəllimə, hörmətli maliyyə nazirimizə bu məsələni çatdırdıq. Qısa müddətdə, may ayında büdcədə dürüstləşmə aparılarkən bu məsələ öz həllini tapdı. Bu, hesabatda bizim qaldırdığımız məsələlərin öz həllini tapmasının bariz nümunəsidir. Bir neçə il bundan qabaq böyrək çatışmazlığından əziyyət çəkən insanların problemləri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edirdik və onlar da yüksək səviyyədə köməklik göstərirdilər. Ancaq millət vəkillərimizə belə müraciətlərin nə qədər azaldığı göz qabağındadır. Eyni zamanda, bu il diabet xəstələrinə ayrılan vəsaitin artdığını görürük. Dövlətimizin iqtisadi gücü, qüdrəti nəticəsində həmin vəsait, hesab edirəm, gələcəkdə də ayrılacaqdır. Mən hesab edirəm ki, bütün bunlar uğurlarımızı şərtləndirən əsas amillərdəndir.
Bizim əsas nailiyyətlərimizin biri də bundan ibarətdir ki, regionlarda investisiya layihələrinin həyata keçirilməsinə cənab Prezident şəxsən özü nəzarət edir. Bunu bilmək istəməyənlər gözlərini açsınlar və qulaqlarındakı pambığı çıxarsınlar. Burada qeyd olunmuşdu, əgər yaxşı oxusalar, bilərlər ki, il ərzində cənab Prezidentin bölgələrə qırxa yaxın səfəri olmuşdur. Görülən işlərlə yerində tanış olub, yüzə yaxın istehsalat, nəqliyyat, təhsil, səhiyyə, idman, mədəniyyət, turizm və digər sahə obyektlərində əsaslı tikinti və yenidənqurmadan sonrakı açılışlarda iştirak edib. 9 obyektin təməli qoyulmuş, 51 obyektdə işlərin gedişi ilə tanış olmuşdur. Cənab Prezidentin bu yorulmaz və gərgin əməyi, şübhəsiz ki, gələcək illərdə də uğurumuzun təminatçısı olacaqdır.
Hörmətli cənab Baş nazirin burada olmasından istifadə edərək bildirmək istəyirəm ki, təmsil etdiyim bölgənin də bir məsələsi vardır. Bu məsələ ilə bağlı xahiş etmək istərdim. Yevlax vərəm regional xəstəxanası olduqca bərbad vəziyyətdədir. Nazirlər Kabinetinin 2007-ci ildə verdiyi sərəncamla Yevlax Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi ilə bərabər bina tapılıb, yer də hazırlanıb, sadəcə, vəsait ayrılsa, onun müasir regional bir xəstəxanaya çevrilməsi üçün bir təkan olardı. Hörmətli Baş nazirimizdən mən bunu xahiş edirəm.
Hörmətli millət vəkilləri, hörmətli cənab Sədr, hesab edirəm, 2011-ci ildəki uğurları şərtləndirən əsas amillərdən biri də məhz Milli Məclisdə iqtisadiyyat, sahibkarlığa kömək və digər sahələri əhatə edən qanunların qəbul edilməsi, millət vəkillərinin fəaliyyətidir. Mən bu hesabata səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat əsaslandırılmış faktlara söykənir və göstərir ki, 2011-ci ildə Nazirlər Kabineti qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlmiş, əsas hədəflərə nail olmuşdur. Şübhəsiz, bizim istəklərimiz, arzularımız çoxdur və ölkənin iqtisadi potensialı artdıqca bu tələblər də artır. Bu tələblərin artması özü çox gözəl bir göstəricidir. Çünki artıq əhalinin rifah halının yüksəlməsinin təmin edilməsi üçün kifayət qədər iqtisadi baza yaradılmışdır. Bu gün artıq adambaşına düşən ümumi daxili məhsulun həcmi kifayət qədər yüksəkdir. Bu da bizə imkan verir ki, ölkə iqtisadiyyatının gələcəkdə daha da təminatlı, gələcəyə yönəlik olmasını strateji vəzifə kimi həyata keçirək. Mən əldə edilmiş uğurları qısaca bir misalla əsaslandırmaq istəyirəm.
Bilirik ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilibdir. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, bir çox beynəlxalq təşkilatların verdiyi qiymətlər, qəbul etdiyi qərarlar var, amma bu günə qədər onların heç biri icra edilmir. Bir milyondan artıq insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Azərbaycan hökuməti iqtisadiyyatın inkişafı nəticəsində qısa müddət ərzində 70-ə yaxın yeni şəhərcik və qəsəbə tikərək məcburi köçkün və qaçqınlarımızın sosial rifahını yaxşılaşdırmışdır. Bu, ölkə iqtisadiyyatının inkişafı nəticəsində mümkün olmuşdur. Dünyada elə bir ölkə yoxdur ki, bu cür uğurlu layihəni öz gücü hesabına həyata keçirsin. Misal üçün, 2004-cü ildə məcburi köçkünlərə qayğı məqsədi ilə dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılmışdısa, 2011-ci ildə 168,5 milyon vəsait ayrılmışdır. Bu, əlbəttə, çox böyük bir göstəricidir. Bütün bu vəsait isə donor təşkilatlardan deyil, məhz Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyət əsasında ayrılmış vəsaitdir.
Digər bir məsələ, daxili investisiya 80,3 faizə çatdırılmışdır, halbuki 2011-ci ildə xarici investisiya 19,7 faiz olmuşdur. Ötən illərə, 1990-cı və ya 2000-ci illərin əvvəllərinə aid göstəricilərlə müqayisə etsək, rəqəmlər tərsinə olardı. Xarici investisiyanın çəkisi daha böyük idi. Bütün bunlar onu göstərir ki, Azərbaycan hökuməti qarşıya qoyulmuş vəzifələri və siyasəti uğurla həyata keçirir və bu vəzifələri ardıcıl olaraq həll edir. Büdcənin investisiya yönümlü olması ölkə iqtisadiyyatının əsaslarını daha da möhkəmləndirir.
Digər bir vacib rəqəm ondan ibarətdir ki, investisiya qoyuluşunda 73,8 faiz qeyri-neft sektoruna yönəldilmişdir. Əlbəttə, bu, qarşıya qoyulmuş strateji vəzifənin yerinə yetirilməsi – ümumi daxili məhsulun yaxın 10 ildə iki dəfə artırılması üçün çox möhkəm bir iqtisadi baza yaradır. Ardıcıl surətdə həyata keçirilmiş siyasət nəticəsində yoxsulluğun səviyyəsi 7,6 faizə endirilmişdir. İşsizliyin səviyyəsi aşağı endirilmişdir. Əlbəttə, bütün bu görülən işlər onu göstərir ki, ölkədə aparılan iqtisadi siyasət uğurludur. Bunun nəticələrini də biz görürük.
Bütövlükdə hesabat bütün istiqamətlər üzrə ölkədə görülmüş işləri dolğun şəkildə əks etdirir. Biz bunu yüksək qiymətləndiririk. Amma bununla yanaşı, bir-iki məsələyə diqqət yönəltmək istəyirəm. Birinci məsələ ondan ibarətdir ki, hesabatda da qeyd edildiyi kimi, 2011-ci ildə kənd təsərrüfatında artım 5,8 faiz olmuş və ümumi daxili məhsulda çəkisi 5,5 faizə qədər artmışdır. Bu onu göstərir ki, kənd təsərrüfatına investisiyaların artırılması istiqamətində işlər gücləndirilməlidir. Çünki kəndli-fermer təsərrüfatının dövlət tərəfindən göstərilən qayğı nəticəsində əldə edilmiş uğurlarını daha da artırmalıyıq. Digər bir məsələ isə sənaye ilə bağlıdır. Hesabatda göstərilir ki, ümumi daxili bazarın strukturunda sənaye üzrə 53,9 faiz artım var. Amma bunun, təəssüf ki, 51,7 faizi neft, qaz və emal sənayesinin payına düşür. Yaxşı olardı ki, emal sənayesi istiqamətini daha da gücləndirək.
Sonda bir məsələni də qeyd etmək istəyirəm. Cəbhəyanı və sərhəd rayonlarına dövlət başçısı tərəfindən daim diqqət göstərilir. Regionların sürətli inkişafı proqramı işləyir. Amma bu proqramda çox yaxşı olardı ki, cəbhəyanı və sərhədyanı bölgələr üçün nəzərdə tutulmuş proqram layihələrindəki məsələlər ilk olaraq həyata keçirilsin, çünki ora həssas bir bölgədir. Cənab Prezident dəfələrlə bu bölgələrə səfərləri zamanı həmin bölgələrin inkişaf etdirilməsi üçün növbəti sərəncamlar imzalamış və bunun da praktik nəticələri olmuşdur. Mən bütövlükdə hökumətin gördüyü işi müsbət qiymətləndirirəm və hesab edirəm ki, qarşıya qoyulmuş bütün vəzifələr həll edilmişdir. Bu işdə hökumətə uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə. Amma xahiş edirəm, bir az qısa danışın.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə qeyd edim ki, hökumətin 2011-ci ildə fəaliyyətini müsbət qiymətləndirirəm. Hörmətli Baş nazirin çıxışı da fikrimizi daha da dəyərləndirdi. Hesab edirəm ki, Azərbaycan hökuməti bu gün Azərbaycan qarşısında duran bütün problemlərin həlli üçün hərtərəfli fəaliyyət göstərmişdir. Bizə təqdim edilən hesabatda bütün sahələr üzrə inkişafın olduğunu və Azərbaycanın qarşısına qoyduğu böyük məqsədlərə çatmaq üçün iri layihələr üzərində işlər aparıldığını göstərir.
Konkret rəqəmlər və faktlar göstərməyə ehtiyac yoxdur. Bu gün konkretlik ətrafımızda olan reallıqdır, abadlaşan şəhərlərimiz, yeniləşən infrastrukturlar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzudur. Bütün bunların hamısı Azərbaycanın qüdrətləndiyini, Azərbaycan hökumətinin qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini göstərir. Bir çox məsələlər üzrə danışmaq istərdim, təəssüf ki, vaxt azdır. Eyni zamanda, hesab edirəm ki, qaldırmaq istədiyim məsələlərin bir çoxunu deputat həmkarlarım qaldırdılar. Amma seçildiyim Mingəçevir şəhəri ilə bağlı bir-iki məsələni hökumət qarşısında qaldırmaq istəyirəm.
Mingəçevir vaxtilə Azərbaycanın yeniləşən və böyüyən bir sənaye mərkəzi kimi yaradılıb. Sovet dövründə Azərbaycanın rəhbəri Heydər Əliyevin birbaşa qayğısı sayəsində Mingəçevirdə yeni müəssisələr salınıb, yaşayış kompleksləri tikilib. Müstəqillik dövründə də Mingəçevir daim Azərbaycan Prezidentinin diqqətindədir və vaxtaşırı Mingəçevirə etdiyi səfərlərdə yeni-yeni obyektlərin açılışını görürük. Ancaq bununla belə, Mingəçevirin iqtisadiyyatının əsasını iri müəssisələr təşkil edirdi. İndiki dövrdə bunların bir çoxu dayanmış, onların yerində fəaliyyət göstərən xırda müəssisələr isə şəhər əhalisinin işə olan tələbatını ödəyə bilmir. Ona görə də mən hökumətdən Mingəçevirin sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi bir proqram işlənməsi, dövlət xətti ilə və eyni zamanda, sahibkarlığa dəstək üzrə yeni layihələrin hazırlanması, infrastrukturun yaxşılaşdırılması üçün əlavə vəsait ayrılması məsələsi ilə bağlı tədbirlər görülməsini xahiş edirəm. Ümumilikdə hökumətin ötənilki fəaliyyətinə müsbət qiymət verirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 26 millət vəkili çıxış etdi, yetərincə müzakirə etdik. İndi xahiş edirəm, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 17.58 dəq.)
Lehinə   107
Əleyhinə   0
Bitərəf    0
Səs verməd  0
İştirak edir   107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bir daha Nazirlər Kabinetini təbrik edirik, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

 
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

16 mart 2012-ci il
————
Sevinc Hüseynova. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və millət vəkilləri!
Müzakirəmizə təqdim olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat, hesab edirəm ki, ölkəmizdə davamlı iqtisadi artımın təmin edilməsı və xalqın rifah səviyyəsinin mərhələlərlə yaxşılaşması istiqamətində həyata keçirilən tədbirləri və əldə olunan nailiyyətləri özündə əks etdirir. Sözsüz ki, mən də hesabatın qəbulunun lehinə səs verəcəyəm.
Eyni zamanda, bir məqamı qeyd etmək istərdim. Fərəhləndirici haldır ki, respublika Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı apardığı uğurlu siyasət nəticəsində ölkəmizin bütün bölgələrində davamlı inkişaf təmin edilmiş, yeni iş yerləri açılmış, infrastruktur yeniləşdirilmiş, təhsil, səhiyyə və digər sahələrin obyektlərində təmir və yenidənqurma işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Bir sözlə, bu qurumlarda çalışan insanlar üçün lazımi iş şəraiti yaradılmışdır.
Bu müsbət dəyişikliklər, qeyd etdiyim kimi, ölkəmizin bütün bölgələrinə, o cümlədən təmsil etdiyim Gədəbəy rayonuna da aiddir. Təkcə elə bunu söyləmək kifayət edər ki, son illər ərzində rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 70-ində təmir və yenidənqurma işləri aparılmışdır. Bu fonda diqqətinizi özünü rayonun təhsil və səhiyyə sahələrində daha kəskin göstərən kadr çatışmazlığına yönəltmək istərdim. Hazırda rayonun 32 məktəbində 11 fənn üzrə 135 pedaqoji kadra, tibb müəssisələrində isə 37 həkim və tibb işçisinə ehtiyac vardır.
Mövcud problem, peşəkar kadr qıtlığı həmin sahələrin inkişafına bilavasitə təsir göstərir. Məhz elə 2011-ci ildə rayon məzunlarının 37,98 faizinin attestat almaması, rayon abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəricilərinin respublika orta göstəricilərindən aşağı olmasının əsas səbəblərindən biri də bundan irəli gəlir.
Məsələnin həlli ilə bağlı aidiyyəti qurumlar tərəfindən görülən işlər ümumi vəziyyəti dəyişmir. Buna misal olaraq hesabat ilində rayonun məktəblərində vakant yerlərə informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməklə, ikimərhələlı müsabiqə əsasında seçilmiş 7 kadrdan 4-ünün nail olduğu iş yerində çalışmasını, digər 3 nəfərinin isə imtina etməsini göstərmək olar. Yəni 135 yerə tələbat olduğu halda 7 nəfər seçilir, bundan isə 4-ü qalıb işləyir.
Analoji hal, yəni kadr qıtlığı ölkəmizin digər dağlıq rayonlarında da mövcuddur. Düşünürəm ki, regionlarda kadr təminatı məsələsinin həll edilməsı, regionların sosial-iqtisadi inkişafının səmərəliliyinin daha da artırılması üçün regionlarda, dağlıq rayonlarda, ələlxüsus təhsil və səhiyyə sahələrində gənc kadrların calışmalarının stimullaşdırılması tədbirlərini nəzərdə tutan dövlət proqramının hazırlanması vacibdir.
Bu cür tədbirlərin həyata keçirilməsi regionların inkişafının səmərəliliyinin daha da artırılması ilə yanaşı, təhsil, səhiyyə və gənclər siyasəti sahəsində aparılan işlərə müsbət təsir göstərər.
Sonda sizləri və xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm!
Rüfət Quliyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, deputat həmkarlarım və hökumət üzvləri, dəvətli xanımlar və cənablar!
İlk növbədə Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir və hər birinizə can sağlığı, uzun ömür, xoşbəxtlik, gözəl günlər və firavanlıq arzulayıram.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında fundamental və obyektiv reallıqları əks etdirən dərin məzmunlu hesabatı bir daha göstərdi ki, ötən ildə Azərbaycan baş verən kataklizmlərə, iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və dünyada hələ tam səngiməmiş iqtisadi və maliyyə böhranına baxmayaraq, həmişə olduğu kimi, yenə dinamik surətdə inkişaf etmişdir.
Sözsüz ki, bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan uzaqgörən daxili və xarici siyasət kursunun və hər sahədə məqsədyönlü titanik fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentimizin sədrliyi ilə cari il yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və fevralın 28-də “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı təhlilə əsaslanmış nitqləri bir daha göstərdi ki, ölkənin sosial-iqtisadi inkişafı, qüdrətlənməsi həmişə diqqət mərkəzindədir və Heydər Əliyev ənənələrinin estafeti uğurla, novatorluqla davam etdirilir.
Məlum həqiqətdir ki, hər bir ölkənin iqtisadi gücü onun ümumi daxili məhsulunun həcmindən asılıdır. Keçən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 50,1 milyard manat olmuş, artım isə 0,1 faiz təşkil etmişdir.
Ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmış, qeyri-neft sənayemizdə artım tempi 11,1 faiz olmuşdur. Kənd təsərrüfatında isə artım 5,8 faizə çatdırılmışdır.
Əvvəlki illərlə müqayisədə 2011-ci ildə ölkə üzrə ümumi daxili məhsulun artım tempinin aşağı olması neft istehsalının azalması ilə əlaqədardır ki, bu da hazırkı şəraitdə Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Çünki istənilən vaxtda neftin də, qazın da istehsalını artıra bilərik, təbii ehtiyatlarımız buna imkan verir. Sadəcə olaraq, ölkə izafi istehsala ehtiyac hiss etmir. Bu gün Azərbaycan Respublikasının valyuta ehtiyatlarının həcmi 41 milyard dollar təşkil edirsə, biz hər hansı bir iqtisadi problemlə rastlaşmaq qorxusundan çox uzağıq. Ancaq daxildəki bəzi bədxahlar əvvəlki illərdə “Azərbaycan Holland sindromu məngənəsindədir” deyə çığır-bağır salırdılarsa, indi də “Azərbaycanda kəskin iqtisadi geriləmə baş verir” deyə əl-ayağa düşüblər. Lakin ötən dövr göstərdi ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətt üzrə dinamik inkişaf edir və iqtisadi uğurlarımıza qara eynəklə baxanların hay-həşiri əbəsdir. İqtisadiyyatımızın bütün sahələrinin uğurlu inkişafı sübut etdi ki, Azərbaycan heç də tamamilə neft amilindən asılı deyil. Düzdür, iqtisadiyyatımızda neft sektoru həmişə prioritet sahə olub və bu gün də belədir. Ancaq neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət edir və həmin sahələr də bu gün öz sözünü deməkdədir. Azərbaycanda təkcə 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək müəssisənin tikintisi isə davam etdirilmişdir.
Yaradılmış əlverişli investisiya mühiti nəticəsində 2011-ci ildə 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla 20 milyard dollar investisiya qoyulmuşdur. Bunun da 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.
Ötən ildə Sahibkarlığa Yardım Milli Fondunun xətti ilə 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmişdir ki, bu məbləğin də 75 faizi regionlara ayrılmışdır.
Hər il olduğu kimi, 2011-ci ildə də davamlı iqtisadi artım ölkənin sosial yönümlü inkişafına təkan vermişdir. İl ərzində dövlət büdcəsindən sosial yönümlü xərclərə 16,5 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2 faiz çox vəsait yönəldilmişdir. Baxmayaraq ki, 2011-ci ildə əhalinin pul gəlirləri 19,6 faiz artmış, inflyasiya 7,9 faiz olmuşdur. Yola saldığımız ildə 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır və indi ölkədə orta pensiya məbləği 180–190 dollar təşkil edir. Yoxsulluq səviyyəsi 7,6, işsizlik isə 5,4 faiz səviyyəsindədir. Ötən ildə müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan hazırda iqtisadi sahədə Cənubi Qafqazın şəriksiz lider dövlətidir və onun iqtisadiyyatı bölgə iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir.
Bu gün mən iqtisadçı alim kimi qürur hissi keçirirəm ki, biz indi qonşu dövlətlərə – Türkiyəyə, Gürcüstana, Ukraynaya, Moldovaya investisiyalar yatırırıq. Hazırda Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi investisiyaların ümumi həcmi 6 milyard dollardan artıqdır. Qarşıdakı 5 ildə isə Azərbaycan Türkiyədə tək bir layihə üzrə – “Petkim–Holdinq”in yeni emal müəssisəsinin inşasına 5 milyard dollar investisiya yatıracaq. Yaxın vaxtlarda bu dövlətlərin siyahısına Balkan ölkələri və digərləri də əlavə olunacaqdır.
Ölkənin özündə də mütəmadi olaraq yeni istehsal sahələri yaradılır və onların coğrafiyası da genişlənərək, bütün regionları əhatə edir.
Regional inkişaf proqramı böyük vüsətlə həyata keçirilir ki, bu da bölgələrimizin iqtisadiyyatının güclənməsi, simasının dəyişib gözəlləşdirilməsi ilə yanaşı, əhali üçün də rahatlıq yaradır, yeni iş yerlərinin açılmasına təkan verir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi uğurlarını çox yüksək qiymətləndirmişlər. Ümumiyyətlə, son 20 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 74,5 dəfə, xərcləri 82,7 dəfə, sosial yönümlü tədbirlərə ayrılan vəsait isə 41,5 dəfə artmışdır.
Həyata keçirilən irimiqyaslı layihələrə baxmayaraq, 2011-ci ildə Azərbaycanın dövlət borcu cəmi 4,2 milyard dollar olmuşdur ki, bu da çox məqbul göstəricidir. Müqayisə üçün qeyd edim ki, çox kiçik ölkə olan Ermənistanın dövlət borcu 4,5 milyard dollardır ki, bu da onun illik dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Digər postsovet ölkələrində də bu borc çox yüksək məbləğdədir. İqtisadi uğurlarımızdan çox danışıb vaxtınızı almaq istəmirəm. Necə deyərlər, görünən şəhərə bələdçi lazım deyil.
Deputat seçildiyim Lənkəran rayonu da 2011-ci ildə dinamik inkişaf etmiş və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı uğurla həyata keçirmişdir. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası diqqət mərkəzində olmuş və bir sıra uğurlar qazanılmışdır. Rayonda iqtisadiyyatın bütün sahələrində xeyli artıma nail olunmuş, əhalinin rifahı yaxşılaşmışdır.
Ancaq lənkəranlıları narahat edən ən vacib və həllini gözləyən məsələ rayonun bütün yaşayış məntəqələrinə qaz çəkilişinin sürətləndirilməsi məsələsidir. Düzdür, bu məsələdə müəyyən irəliləyişlər var, ancaq görülən işlərin sürətləndirilməsi hamının ümdə arzusudur.
Digər bir məsələ isə kiçik və orta sahibkarlığa ayrılan kreditlərin ölkə üzrə ümumi məbləğinin artırılması, onların vaxtında sahibkara çatdırılmasına nail olmaqdır ki, sahibkar əli qoynunda günlərlə heç kimin qapısında gözləməsin.
Hesabatı məqbul hesab edirəm, onun lehinə səs verəcəyəm və deputat həmkarlarımı da bu hesabatı dəstəkləməyə dəvət edirəm.
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət nümayəndələri!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat ölkə iqtisadiyyatının durumu barədə maksimum məlumat əsasında çox əhatəli şəkildə hazırlanıb. Hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatı 2011-ci ildə mürəkkəb xarici iqtisadi mühitdə cərəyan edən qlobal sosial-iqtisadi çağırışlara dayanıqlıq nümayiş etdirmişdir. Ölkəmizdə iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının yüksəlməsində irəliyə doğru yeni addımlar atılmışdır. Orta illik inflyasiya bir rəqəmli səviyyədə və manatın məzənnəsi sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir.
2011-ci ildə qeyri-neft sektoruna sərmayə qoyuluşunun sürətli artımı, ölkə iqtisadiyyatına qoyulmuş sərmayələrin 72 faizdən çoxunun qeyri-neft sektoruna yönəldilməsi, iri infrastruktur layihələrinin icrasının davam etdirilməsi, bütün bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi və tikinti-abadlıq işlərinin genişləndirilməsi ölkə iqtisadiyyatının ümumi inkişafında mühüm rol oynamışdır. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir. Azərbaycanın 2011-ci ildə əldə etdiyi nəticələr nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB” investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozun isə sabit olduğu barədə qərar qəbul etmişdir. “Fitch Ratings” və “Moody's” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”na görə də 2011-ci ildə Azərbaycan 2 pillə irəliləyərək 142 ölkə arasında 55-ci, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur. Bütün bunlar Azərbaycan hökumətinin 2011-ci ildə əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda tanınmasını təsdiqləyən göstəricilərdir.
Konkret olaraq təmsil etdiyim Şəki rayonunda görülmüş işlərə gəlincə, qeyd etmək istərdim ki, Qəbələ–Balakən turizm marşrutunun, Şəki rayonu ərazisində körpülərin və yol tikintisinin davam etdirilməsi, yeni xəstəxana binasının və bir neçə digər inzibati-sosial binaların, yeni turizm obyektlərinin tikilib istifadəyə verilməsi bütövlükdə rayonun ümumi infrastrukturunun təkmilləşdirilməsinə və yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında 2011-ci ildə ölkə başçısı tərəfindən verilmiş sərəncamların icrası hazırda da davam etdirilməkdədir. Ölkənin müxtəlif bölgələrində abadlıq və quruculuq işlərinin ardıcıl və müntəzəm aparılması danılmaz faktdır. Əhalinin yaşayış səviyyəsinin ildən-ilə artması təmin edilmişdir.
 Bununla belə, ölkə iqtisadiyyatında, təhsil, mədəniyyət, sosial və digər sahələrdə, təbii ki, öz həllini gözləyən məsələlələr də mövcuddur.
 Məsələn, Təhsil Nazirliyi tərəfindən tədris prosesinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində çoxsaylı islahatlar həyata keçirilsə də, uşaq bağçalarının kifayət qədər olmaması həyata keçirilən islahatların səmərəliliyini azaldır. Məktəbəqədər təhsil müəssisələrində mövcud yerlərin sayı, kənd yerlərində istifadəyə yararsız vəziyyətdə olan yerlərin sayını da nəzərə alsaq, məktəbəqədər yaşlı uşaqların yalnız 30 faizini əhatə edə bilər. Mövcud vəziyyət “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş fasiləsiz təhsil prosesinin tam həyata keçirilməsini mümkünsüz edir və nəticə etibarilə yenə də təhsil sahəsində aparılan islahatların səmərəliliyini azaldır.
Son 5 ildə səhiyyə infrastrukturunun modernləşdirilməsi üzrə aparılan islahatlar nəticəsində müalicə müəssisələrində dünya standartlarına uyğun maddi-texniki baza yaradılmışdır. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramlarında tibbi təhsil prioritet kimi dəyərləndirilir. Bu da yaxın gələcəkdə həmin müəssisələrin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasına və yüksək keyfiyyətli müalicə xidmətinin göstərilməsinə şərait yaradacaqdır.
Bununla yanaşı, əczaçılıq bazarında dərman preparatları dövriyyəsinin ƏDV-yə cəlb edilməsi, zənnimcə, görülən işlərin səmərəsini azaltmış olur. Məlumat üçün qeyd etmək istəyirəm ki, dünya ölkələrinin əksəriyyətində, o cümlədən bizə qonşu olan ölkələrdə dərman preparatları ƏDV-dən azaddır. Azərbaycanda da Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 saylı qərarı ilə ölkəyə idxal edilən əczaçılıq məhsulları bu vergi növündən azad olunsa da, hazırda əczaçılıq bazarının iştirakçısı olan minlərlə hüquqi şəxs belə vergiyə cəlb edilir. Nəticədə dərman preparatlarının maya dəyəri qonşu ölkələrə nisbətən 18 faiz baha formalaşır. Bununla da tibbi sığortanın olmaması şəraitində aztəminatlı ailələrin müalicə imkanları məhdudlaşır və Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatların səmərəliliyi azalır.
Bu isə göstərir ki, bəzi hallarda hökumətin müxtəlif qurumlarının həyata keçirdiyi islahatların qarşılıqlı şəkildə sinxronlaşdırılmasına, yəni onların fəaliyyətləri arasında qarşılıqlı ahəngdarlığın tapılmasına ehtiyac hiss olunur.
Yaxın illərdə mövcud problemlərin həlli yollarına konseptual baxış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında hökumətin qarşısında qoyduğu vəzifələr timsalında geniş şəkildə öz əksini tapmışdır.
Bu vəzifələrin hökumətin fəaliyyətində prioritet yer tutması və uğurla həyata keçirilməsi Azərbaycanın şəhər və kəndlərinin, orada yaşayan hər bir vətəndaşın həyatında müsbət dəyişikliklərə gətirib çıxaracaqdır.
2011-ci ilin sosial-iqtisadi yekunları isə hökumətin ölkənin davamlı sosial-iqtisadi inkişafı yolunda qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyini təsdiqləyir. Hesabata səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram.
Elmira Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı dəqiq statistik məlumatlarda öz əksini tapmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,4 faiz artımı müşahidə olunmuşdur. Ümumi daxili məhsulun 51,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 9,3 faiz azalmışdır.
Demək olar ki, iqtisadiyyatın bütün sahələrində nəzərə çarpacaq artım müşahidə edilmişdir. 2004–2011-ci illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində orta illik artım 13,1 faiz olmaqla, istehsal 2,7 dəfə artmış, ÜDM-in strukturunda sənaye istehsalının payı 38,3 faizdən 53,9 faizə yüksəlmişdir.
Məni hər zaman maraqlandıran məqam neft sektorundan asılılığın azaldılmasına yönəldilmiş fəaliyyət olmuşdur. Hesabatdan da göründüyü kimi, qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi və sair işlər həyata keçirilmişdir. Qeyri-neft sektorunun inkişafının prioritet müəyyən edilməsi nəticəsində 2003-cü ilə nisbətən 2011-ci ildə büdcəyə 5,5 dəfə çox vəsait daxil olmuşdur. Həmçinin investisiya qoyuluşlarına fikir verdikdə görürük ki, qeyri-neft sektoruna yönəldilmiş investisiyanın həcmi neft sektoruna qoyulan vəsaitdən təqribən 3 dəfə çox olmuşdur.
Əhalinin məşğulluq məsələləri, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində xeyli işlər görülmüşdür. 2011-ci ildə regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılmasına şərait yaratmışdır. 2003-cü ildən bu yana qeyri-neft sektorunda istehsal təyinatlı 1927 obyekt istifadəyə verilmişdir.
Lakin qeyd etmək istərdim ki, bir sıra beynəlxalq statistik mərkəzlərin araşdırmalarına görə, müasir texnologiyanın inkişafı və tətbiqi nəticəsində 2030–2050-ci illərdə Yer kürəsində 3 milyard insan işsiz qalacaq. Dəhşətli rəqəmdir. Bu problem bizim üçün də aktuallaşacaq. Düşünürəm ki, ümummilli fəaliyyət proqramı hazırlanmalı və işsizliyin aradan qaldırılması məqsədi ilə ölkənin daxili imkanlarından maksimum istifadə edilməlidir. Məsələn, Azərbaycanda turizm və əyləncə sahələrində yüz minlərlə insan işləyə biləcəyi təqdirdə cəmi bir neçə min insan çalışır. Belə imkanlar başqa sahələrdə də mövcuddur, ona görə təkrar edirəm, ümummilli proqrama böyük ehtiyac vardır.
Sosial yönümlü layihələrə 2011-ci ildə 1,7 milyard manata yaxın vəsait ayrılmışdır. 2010–2011-ci illərdə əsaslı vəsait qoyuluşu hesabına 239 məktəbdə təmir-tikinti və bərpa-gücləndirmə işlərinə başlanılmışdır.
İşsizlik səviyyəsinin aşağı salınması üçün tədbirlər görülmüşdür. Həmçinin pensiyaların həcmində də ciddi artım olmuşdur. Bunların hamısı cənab Prezidentin düşünülmüş siyasətinin və Nazirlər Kabinetinin gərgin fəaliyyətinin ürəkaçan nəticəsidir.
Yeri gəlmişkən, sosial məsələlərlə bağlı bir təklifimi nəzərinizə çatdırmaq istəyirəm. Vətəndaşlardan da daxil olan müraciətlər onu deməyə əsas verir ki, ünvanlı sosial yardım özünü tam şəkildə doğrultmadı. Bu həm əhalidə ələbaxımlıq yaradır, həm də bəzi hallarda ehtiyacı olanlara yox, hər hansı yollarla digər şəxslərə qismət olur. Bunun üçün təklif edərdim ki, ünvanlı sosial yardımın əvəzinə və ya onunla bərabər əhaliyə verilən uşaq puluna yenidən baxılsın. Mən istərdim ki, keçmişdə olduğu kimi, uşaqlar yetkinlik yaşına çatana qədər ailəyə uşaq pulu verilsin. Hətta təklif verərdim ki, çoxuşaqlı ailələrə xüsusi qaydada əlavə güzəşt və yardımlar göstərilsin, “qəhrəman ana” statusu bərpa edilsin. Tək bir faktı demək kifayətdir. Əvvəllər çoxuşaqlı ailələr diyarı kimi tanınan cənub bölgəsində bir ailədə ən azı 6–7 uşaq dünyaya gəlirdisə, indi yeni qurulmuş ailələr maddi çətinlik üzündən 1 və ya 2-dən çox övlada sahib olmaq istəmirlər. Düşünürəm ki, genofondumuzun qorunması baxımından mənim bu təklifimin xüsusi əhəmiyyəti var və gələcəkdə nəzərə alınmasını xahiş edirəm.
Digər bir məsələ yeni tikilən məktəblərdəki yararsız istilik sistemi ilə bağlıdır. Elm və texnologiyanın inkişaf etdiyi bir əsrdə hələ də bəzi məktəblərdə qaz yoxdur, bunun üçün də solyar yağı yandırılır. Nəticədə yenicə təmirdən çıxmış və ya inşa edilmiş müasir məktəb binaları tez bir zamanda yararsız vəziyyətə düşür.
Bundan əlavə, dövlət yanacağa olan tələbatı ödəmək üçün hər bir məktəbə ildə 200–250 manat pul ayırır ki, bu da 2–3 həftə kifayət edir. Halbuki soyuq hava şəraiti 3–4 aydan az çəkmir. Buna görə hesab edirəm ki, yanacağa ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması zəruridir.
Üçüncü məsələ isə ondan ibarətdir ki, kənd yerlərində yeni tikilən məktəblərdə istilik sistemi düzgün qurulsa da, kəndin özünə qaz çəkilsə də, texniki şərait olmadığına görə məktəblərə qaz verilmir. Əminəm ki, bu məsələ təkcə Masallıda yox, respublikamızın bir çox məktəblərində aktualdır. Bu problemi müvafiq dövlət qurumları bürokratik əngəllər törətmədən həll etməlidirlər, çünki söhbət gələcək nəsillərin sağlamlığından gedir.
Yeri gəlmişkən, mən Masallının bəzi sosial problemləri haqqında danışmaq niyyətində idim. Lakin cənab Prezidentin bölgəmizə son ziyarətindən sonra bu problemlərin əksəriyyəti, xüsusən də kənd yollarının təmiri, qazlaşdırma və içməli su məsələsi həll olunmaqdadır. Ona görə də hörmətli İlham Əliyevə çoxminli seçicilər adından dərin minnətdarlığımı birdirmək istəyirəm.
Mən Nazirlər Kabinetinin fəaliyyətini və hesabatını qənaətbəxş hesab edirəm və həmkarlarımı buna səs verməyə çağırıram.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU