14.02.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 33

Milli Məclisin iclas salonu.
14 fevral 2012-ci il.


İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Alim  Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd.
Aftandil Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd.
Vadim Xubanov, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd.


Vilayət  Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.
Ramiq Həşimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
Həbib Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Qədir Xəlilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı.
Səttar Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.
Əbülfəz Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
İlham Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Məhərrəm Xəlilov, Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında.
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:


Gündəlik haqqında.

Çıxış etmişlər:
  Oqtay Əsədov, Gövhər Baxşəliyeva, Zahid Oruc, Fərəc Quliyev, Fazil Mustafa, Qənirə Paşayeva, İqbal Ağazadə, Musa Qasımlı, Azay Quliyev, Elmira Axundova, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 4
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:
  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

Çıxış etmişlər:
  Oqtay Əsədov,  Vilayət Zahirov, Fazil Mustafa, Ziyafət Əsgərov, Arif Rəhimzadə, Əli Məsimli, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fərəc Quliyev, Elmira Axundova, Siyavuş Novruzov, Qalib Salahzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, İlyas İsmayılov, Siyavuş Novruzov, Əli Məsimli, Fazil Mustafa, Zahid Oruc, İlham Əliyev, Qənirə Paşayeva, Ərəstun Cavadov, Eldar Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:
  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Qənizadə, Fazil Mustafa, Elmira Axundova, Bahar Muradova, İlyas İsmayılov, Qüdrət Həsənquliyev, Valeh Ələsgərov, Rafael Cəbrayılov, Sahib Alıyev, İsmayıl Hacıyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–13-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.51 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Təklif: 14–32-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.52 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Təklif: 33–47-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.52 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 48–50-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.53 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

MİLLİ   MƏCLİSİN   İCLASI

14 fevral  2012-c il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 101
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 4
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi.
Hörmətli millət vəkilləri, Azərbaycan parlamenti Azərbaycanın dövlət başçısının siyasətini həyata keçirərək bir çox beynəlxalq təşkilatlarda, beynəlxalq parlament qurumlarında əhəmiyyətli uğurlara nail olub. Biz bu işlərimizi davam etdirməliyik. Bu yaxınlarda Milli Məclisin nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının növbəti sessiyasında iştirak edib. Ona görə müzakirələrə başlamazdan öncə mən istərdim, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri Gövhər Baxşəliyevaya söz verək, oradakı görüşlər barədə qısa bir məlumat versin. Gövhər xanım, buyurun.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Bildiyiniz kimi, yanvar ayının 24–31-də İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının bir sıra tədbirləri keçirildi və bizim parlament nümayəndə heyəti də o tədbirlərdə tam tərkibdə iştirak elədi.  İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının istər komitələrində, istərsə də sonra keçirilən şura iclasında və 7-ci sessiyasında islam aləmi üçün çox vacib, mühüm məsələlər müzakirəyə çıxarıldı.
İlk olaraq təşkilatın daimi komitələrinin iclasları keçirildi. Siyasi və iqtisadi məsələlər üzrə daimi komitənin iclasında komitənin üzvü millət vəkili Sabir Rüstəmxanlı Fransanın son qərarına münasibət  bildirdi və təklif elədi ki, konfransın sənədlərində bu məsələ də öz əksini tapsın.
Daha sonra müsəlman ölkələri qadın parlamentarilərinin konfransı keçirildi və mən də orada iştirak elədim. Bir sıra məsələlər, o cümlədən qadınların müasir islam cəmiyyətlərində rolunun artırılması, idarəetmə orqanlarında daha yüksək səviyyədə təmsil olunması, ali təhsil alması və bu kimi digər məsələlər müzakirə olundu. Mən orada çıxış eləyərək öz münasibətimi bildirdim, Azərbaycan qadınının bu gün əldə etdiyi nailiyyətlərdən danışdım. Söylədim ki, qadın hüquqları sahəsində Azərbaycan çox uğurlar əldə edibdir və bu sahədə parlamentlərarası təcrübə mübadiləsinin keçirilməsi yaxşı olardı.
Daha sonra biz İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının növbəti tədbirlərində, şura iclasında və 7-ci sessiyasında iştirak etdik. Bu tədbirlərdən hələ xeyli əvvəl bizim parlament ora qətnamə layihəsi göndərmişdi. Bununla əlaqədar olaraq mən parlamentin Beynəlxalq münasibətlər şöbəsinə xüsusi təşəkkürümü bildirmək istərdim. Orada başqa ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə yanaşı, mənə də söz verildi. Mən Azərbaycanın mövqeyi haqqında, Qarabağ münaqişəsi haqqında, Xocalı qətliamı haqqında danışdım. Təklif elədim ki, Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi qətnamə layihəsi qəbul olunsun və Palembanq Bəyannaməsinə Azərbaycanın mövqeyini əks etdirən maddələr salınsın.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Gənclər Forumunun nümayəndəsi də orada iştirak edirdi. Bu istiqamətdə də bir sıra təkliflərimiz oldu və yekun olaraq bu qətnamə qəbul edildi. Hesab edirik ki, indiki vəziyyətdə bu sənəd böyük əhəmiyyət kəsb edir.
Mən qətnaməyə daxil olan bir neçə müddəanı burada oxumaq istərdim:
“İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı konfransının 30–31 yanvar 2012-ci ildə İndoneziya Respublikasının Palembanq şəhərində keçirilmiş 7-ci sessiyası İslam Əməkdaşlığı Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək və həmçinin Ermənistan Respublikasının təcavüz siyasətinin ATƏT çərçivəsindəki sülh proseslərinə dağıdıcı təsirini qeyd edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti şəkildə pisləyir, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir.”
Sənəddə Xocalı qətliamı da pislənilir. Qeyd eləyim ki, burada 14 müddəadır. Mən qısaldaraq onların ancaq bir neçəsin oxuyuram:
“İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir.
BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən erməni hərbi qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsinə israr edir.
İslam Konfransı Təşkilatına üzv dövlətlərdən öz milli və hüquqi qurumlarından Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində iqtisadi, turistik və digər fəaliyyətlərə cəlb olunmamağı xahiş edir.
Baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və Azərbaycan Respublikasının işğal olunmuş əraziləri çərçivəsində cari vəziyyətin, habelə səsvermə prosesinin təşkili də daxil olmaqla statuskvonun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin hüquqi qüvvəyə malik olmadığını vurğulayır.
Ermənistanla Azərbaycan arasında mövcud olan silahlı münaqişənin dövlətlərin ərazi toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında ədalətli və sülh yolu ilə həll olunmasına çağırır. Ermənistanla Azərbaycan arasında mövcud olan silahlı münaqişənin həllinə dair 1996-cı il ATƏT-in Lissabon sammitində ATƏT sədrinin verdiyi bəyanatda əks olunmuş üç prinsipə – Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi toxunulmazlığı, Dağlıq Qarabağ regionunun Azərbaycan daxilində ən yüksək statuslu muxtariyyəti, bu regionun və onun əhalisinin təhlükəsizliyinin təminatı prinsiplərinə tam dəstəyini ifadə edir.
Erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin qarşısını almağı və dayandırmağı tələb edir. Belə ki, bu köçürmələr beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edilir və bu münaqişənin sülh yolu ilə həll olunması prosesinə zərər vura biləcək təsirə malikdir.
Üzv dövlətləri Azərbaycan tərəfindən bu məqsədlə həyata keçirilən səyləri, habelə BMT-nin Baş Məclisində və o cümlədən BMT-nin Nyu-Yorkdakı daimi nümayəndəliyi vasitəsilə həyata keçirilən fəaliyyəti dəstəkləməyə çağırır.
Azərbaycan ilə tam həmrəy olduğunu və Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədi ilə həyata keçirdiyi səyləri dəstəklədiyini bildirir.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin təhlükəsiz, şərəf və ləyaqətlə öz evlərinə qayıtmalarına imkan yaratmağa çağırır.”
Bizim təklifimizlə Palembanq Bəyannaməsinə 11-ci bənd salınmışdır: “İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətlərinin rəhbərləri və üzvləri BMT Təhlükəsizlik Şurasının 822,  854, 877 və 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsini, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edir. Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. İslamın arxeoloji və mədəni irsinə vurulmuş böyük zərərlə nəticələnən, məscidlərin və digər müqəddəs islam məbədlərinin Azərbaycan ərazilərində vəhşicəsinə dağıdılmasına yönəlmiş təcavüzü ittiham edir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqırımını ittiham edir və cinayətkarların cəzalandırılmasına çağırır. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu təsdiq edir və bütün dövlətləri ağır həyat şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün onlara humanitar yardım göstərməyə çağırır.”
Gənclər Forumunun təklifi ilə mən öz çıxışımda Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu ilə İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlığın daha da intensivləşdirilməsini, fəallaşdırılmasını təklif etdim. Bununla əlaqədar olaraq, yekun sənədə aşağıdakı cümlə əlavə edilmişdir: “Azərbaycan parlament nümayəndə heyəti erməni silahlı qüvvələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı Xocalı şəhərində törədilən kütləvi qırğının ildönümünün qeyd olunması ilə əlaqədar İƏT Parlament İttifaqı və İƏT Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu arasında əməkdaşlığı fəallaşdırmağa çağırır”.
Onu da qeyd edim ki, qəbul olunmuş bu sənədlər bizə Xocalı  qətliamını soyqırımı kimi tanımağa və bu parlament ittifaqına daxil olan 51 ölkədə parlament səviyyəsində bu qətliamı soyqırımı kimi tanıtmağa imkan verir. Bu istiqamətdə biz Azərbaycan parlamenti olaraq, dostluq qrupları olaraq müxtəlif ölkələrin parlamentləri, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına daxil olan ölkələrin parlamentləri ilə çox intensiv iş aparmalıyıq.
Onu da əlavə edim ki, millət vəkili Sabir Rüstəmxanlının təklifi ilə yekun bəyannaməyə, – mən bayaq artıq qeyd elədim, – Fransa Senatının son qərarına münasibət məsələsi də daxil edildi. Bundan sonra artıq Türkiyə nümayəndə heyətinin üzvləri də o məsələ haqqında danışdılar və “Erməni iddiaları və tarixi faktlar” adlı kitabı da nümayəndə heyətlərinə payladılar. Çıxışımdan sonra Türkiyənin Böyük Millət Məclisinin sədri hörmətli Cəmil Çiçək bizə yaxınlaşdı, mənə və Sabir müəllimə təşəkkürünü bildirdi. Öz çıxışında o da Qarabağ haqqında çox  dəqiqliklə danışdı. Beləcə işimiz başa çatdı.
Mən qeyd etmək istərdim ki, bu sənədlərin qəbulu bizim əlaqələndirilmiş birgə səylərimizin nəticəsidir. Biz bunu həm parlamentin rəhbərliyinin, həm Aparatın Beynəlxalq münasibətlər şöbəsinin, həm də nümayəndə heyətimizin bütün üzvlərinin o təşkilatda çox fəal işinin nəticəsi kimi qiymətləndiririk. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Çox sağ olun, Gövhər xanım. Mən qısaca olaraq bir məsələni xatırlatmaq istərdim. Bilirsiniz ki, keçən çağırışlar dövründə parlamentin dəstəyi, səyi ilə 7 qətnamə və bəyanat qəbul olunmuşdur. Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Almaniya Bundestaqının, İtaliya parlamentinin, Baltika Assambleyasının, GUAM-ın belə qətnamə və bəyanatları vardır.
Bunların hamısını biz bilirdik. Ancaq çox gözəl haldır ki, bizim bu işlərimiz davam edir. Gövhər xanım artıq İslam Əməkdaşlığı Təşkilatı haqqında danışdı. Bu təşkilatın toplantısından bir neçə gün sonra Pakistan Senatının qətnaməsi çıxdı. Bir neçə ay öncə Meksika Konqresi Xocalı qətliamı haqqında qərar çıxardı. Bu bizi səylərimizi daha da artırmağa sövq edir. Parlament, ümumiyyətlə, bütün deputatlar, eləcə də nümayəndə heyətlərimizin, dostluq qruplarımızın rəhbərləri bu işdə öz səylərini daha da artırmalıdırlar. Biz bu həqiqətləri dünya parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırmaqda bir az da fəal olmalıyıq. İndi müzakirələrə keçirik. Xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən birinci növbədə BMT-nin Suriya ilə bağlı müzakirələrində Azərbaycanın dünyanın əsas dövlətləri ilə eyni mövqe nümayiş etdirməsini alqışlayır və düşünürəm ki, bundan sonrakı dönəmdə elə həmin dövlətlər kimi Azərbaycan da özünün diplomatik korpus nümayəndələrini oradan geri çağıracaqdır. Çünki Suriya artıq həm vətəndaşların, həm də diplomatların yaşaması üçün təhlükəli bir məkana çevrilib.
İkincisi, mən İranın Azərbaycana təqdim etdiyi notanı pisləyirəm. Bunu nəinki diplomatik gərginlik, daha çox İrana yönəlik beynəlxalq təzyiqləri regionda  paylaşmaq, ayrı-ayrı dövlətlərə yönəltmək cəhdi sayır və düşünürəm ki, bu onların özünün əleyhinə çevriləcəkdir. Azərbaycan indiyə qədər antiiran bloklarında yer almayıb, amma İranın bu davranışları bizi buna vadar edir.
Üçüncüsü, mən bu tribunanı fərdi şəxslərin adına yönəltmək istəməzdim. Keçmişdə də heç bunu eləməmişəm. Amma ayrı-ayrı hallarda buna məcbur olmuşuq. Bu yaxın günlərdə Müsavatın başqanı İsa Qəmbər Avroviziya yarışmasında iştirak edəcək insanlara müraciətini səsləndirib. Mən bunun özünü də onun siyasi tərcümeyi-halında bir ləkə hesab edirəm. Çünki bu müraciət onu və onun həmfikirlərini, demək olar ki, vaxtilə çar Rusiyasının məğlubiyyətini gözləyən, arzulayan bolşeviklərlə eyniləşdirib. Azərbaycanın mədəniyyətini, həyatını, tarixini təqdim eləməkdənsə... Hər bir müğənni, siz tribunadan səsləndirin ki, məhbuslara azadlıq.
Bu, rəzil bir mövqedir. Sözün həqiqi mənasında bu adamlar fərqində deyillər ki, bu məntiq onları kimlərlə eyniləşdirir. Bu yaxınlarda bir erməni yarışmaçısının mövqeyini oxuyuram. Deyir, mən bakılıyam, orada məndən sürprizlər gözləsinlər.
Mən bu ölkə haqqında ən pis düşünən müxalifətçini ən yaxşı düşünən ermənidən üstün tuturam. Ancaq bunlar özləri məntiqləri ilə gəlib onlara bərabərləşirlər. Mən anlayıram ki, onlar Konstitusiya ilə hakimiyyət uğrunda mübarizə aparmaq hüququna malikdirlər. Aparsınlar, heç kim buna qarşı çıxmır. Mən anlayıram ki, bunlar hansısa bir formada hakimiyyətə beynəlxalq təsirləri, təzyiqləri artırmaq istəyirlər. Bunu da eləsinlər. Amma Avroviziyanı əllərinə düşən bir girəvə kimi öz tribunalarına çevirmək, 1500 jurnalisti öz məqsədləri üçün alətə çevirmək cəhdi çox utanc gətirən bir hərəkətdir.
Əgər onlar nümunə götürmək istəyirlərsə, Türkiyənin Millətçi Hərəkat Partiyasının rəhbərindən götürsünlər. O, Vikiliks sızmasında dedi ki, mən bunu Ərdoğana qarşı çevirməyəcəyəm. Halbuki Avroviziya məsələsi qələbə hadisəsidir. Beynəlxalq hesabatın birində bir mənfi hadisəni hakimiyyətin əleyhinə çevirirlər. Bunu anlamaq olar. Amma bu  ki qələbədir. Qələbəni niyə hakimiyyətin əleyhinə çevirirsiniz? Yox, əgər Millətçi Hərəkat Partiyasından nümunə götürmürlərsə, özlərinə ideal və lider seçdikləri mərhum Əbülfəz Elçibəydən nümunə götürsünlər. Əbülfəz Elçibəy deyirdi ki, 1987-ci ildə Heydər Əliyevə, həm də Azərbaycana qarşı təzyiqlər başlayanda mən onun portretini başımın üstündən asdım. Yəni milli mövqe...
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada Gövhər xanımın verdiyi izahat və hesabat çox yerinə düşən bir məsələ oldu. BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan yanvar ayında 11 qapalı məsləhətləşmədə, 3 formal debatda və 5 brifinqdə iştirak eləməli idi. Mən hesab edirəm ki, bununla bağlı da biz məlumatlandırılmalıyıq. Müzakirələrə Yaxın Şərq, xüsusilə Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin, qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri çıxarılmalı idi. Təhlükəsizlik Şurasının gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilmişdi. Burada Azərbaycan ilk dəfə iştirak edirdi.
Mən niyə bu məsələyə toxunuram. Çünki sədrlik edən Cənubi Afrika Respublikasının BMT-dəki daimi nümayəndəsi Baso Sangqu bildirmişdi ki, Təhlükəsizlik Şurasında 15 dövləti təmsil eləyən nümayəndələrin qapalı müzakirələrində münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında  daha sıx strateji əməkdaşlıq yaradılmalıdır. Münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər ədavətdən daha çox əziyyət çəkdiklərinə görə bu qonşu dövlətlərin regional təşkilatlarda münaqişələrin həllində vacib rol oynaması məsələləri müzakirə olunub. Mən bilmirəm, bu müzakirənin nəticəsi nə olub. Mən səthi məlumata malikəm. Amma məncə, Milli Məclis bu məsələ barədə Xarici İşlər Nazirliyinin dinləməsini keçirməli və ümumi məlumata malik olmalıdır ki, biz burada yaranan imkandan istifadə edə bilək.
Bu imkan nədən ibarətdir? Biz yuxarıda göstərilən yanaşmanı əsas götürərək ATƏT-in Minsk qrupu tərkibində Rusiya və Fransanın Gürcüstan və Türkiyə ilə əvəz edilməsi məsələsini gündəmə gətirə bilərik. Bu məsələ onsuz da gündəmdədir və müəyyən çərçivələrdə müzakirə olunur. Əlbəttə ki, burada ATƏT-in Minsk qrupunun informativ yardımçı rolda, Avropa Birliyinin isə əsas rolda olması imkanları da araşdırılmalıdır.  Azərbaycan  BMT-nin  Təhlükəsizlik  Şurasında çox da uzun zaman qeyri-daimi üzv olmayacaq. Mən hesab edirəm ki, buradakı üstün mövqeyimizi dəyərləndirməliyik.
Hörmətli Sədr, mən hesab edirəm ki, bu deyilənləri nəzərə alaraq Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü hüququndan istifadə edib bu qurumun Ermənistan–Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan Respublikasından tələb etməsini də gündəmə gətirməlidir. Mən bu məsələni keçən dəfə də qaldırmışdım və indi də xahiş edirəm ki, mümkünsə, Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb bu məsələni bir daha nəzərdən keçirəndən sonra gündəmə gətirək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən deputat həmkarım Zahid bəyin dediyi fikirlərdə, həqiqətən, müəyyən haqlı nüanslar olduğunu qeyd eləməklə yanaşı, bir məsələni də vurğulamaq istəyirəm. Biz bir çox hallarda ermənilərdən bəzi məsələləri də, heç olmasa, faktiki mənada götürməyi bacarmalıyıq. Bu nədir? Ermənilər hansısa bir ciddi tədbirləri olanda özlərində daxildə olan problemlərin çözülməsini dərhal həll edir və beynəlxalq səviyyədə özlərinə qarşı olan təzyiqləri yumşalda bilirlər.  Avroviziya gəlir, müxtəlif tədbirlər başlayır. Dünyanın gözü Azərbaycandadır. Axı siyasi motivlə tutuqlu niyə həbsxanada oturmalıdır? Mən başa düşürəm, bunu bu və ya digər səbəblə əsaslandırmaq olar. Amma bunların artıq buraxılması, bu mövzunun artıq qapadılması lazımdır.
Bütün Avropadan Azərbaycana təzyiq gəlir. İnanın ki, adamlar həbsxanada olanda azadlıqda olduqlarından daha məşhur olurlar. Azadlığa buraxılanda həmin adamların bir çox hallarda heç bir dəyəri qalmır. Amma elə bil, qəsdən hakimiyyətdə kimlərsə ayrı-ayrı adamları məşhurlaşdırmaq üçün onları həbsxanada oturtmağa daha çox üstünlük verirlər. Məncə, bu problem də Avroviziya ərəfəsində, Novruz bayramı vaxtı həll olunmalıdır ki, artıq bu məsələlər birdəfəlik spekulyasiya mövzusu olmasın.
İranla bağlı məsələdə mən, açığı, İrana qarşı hər hansı bir tədbirdə Azərbaycanın aşkar şəkildə yer tutmasının tərəfdarı deyiləm. Amma son vaxtlar İran İsrail və Amerika Birləşmiş Ştatlarının qorxusundan elə bil bölgədəki ölkələrə, özünə yaxın qonşulara artıq saldırmaqdan çəkinmir. “Times” qəzetində yazılanlar doğrudursa, bu qəzet hər gün yazır ki, İran terrorçu dövlətdir. Onda sizin terrorçu dövlət olmağınıza inanaqmı? Ona görə də bu məsələdə, məncə, Azərbaycan güzəştsiz bir mövqe tutmalıdır.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisində radioaktiv tullantıların yerləşdirilməsi, işğal olunmuş ərazilərimizə müxtəlif zəhərli maddələrin daşınması ilə məşğuldur. Qarabağın qeyri-leqal yönətimi ilə bu məsələdə müəyyən razılaşması vardır. Ona görə də bu məsələnin qarşısını almaq üçün bizim tərəfdən də  tədbirlər görülməlidir. Xarici İşlər Nazirliyi İran səfirini çağırıb bu ölkəyə nota verməlidir ki, Dağlıq Qarabağda qeyri-qanuni əlaqələrlə niyə məşğulsunuz? Narkotik vasitələrin yayılması ilə niyə məşğulsunuz? Əgər İsraildən, Amerika Birləşmiş Ştatlarından qorxursunuzsa, özünüzün cəsur olmağınızı göstərmək üçün Azərbaycana saldırmağın nə mənası var? Əksinə, Azərbaycanla daha yaxın münasibət saxlamağa məhkumsunuz və bunu etməsəniz, özünüz üçün böyük problemlər yaradacaqsınız. Ona görə bu məsələyə...
Sədrlik edən.  Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən həmkarım Fazil Mustafanın qaldırdığı məsələni davam etdirmək istəyirəm. Biz görürük ki, son günlər İranda nəinki bəzi qüvvələr, bəzi rəsmi şəxslər tərəfindən Azərbaycan əleyhinə açıqlamalar verilir, çox ciddi şəkildə iş aparılır. Baxmayaraq ki, Azərbaycan hər zaman İranla qonşu kimi normal münasibətlər qurmağa cəhd edib, özünün fəaliyyətində də bunu göstərib, çünki bu ölkədə bizim 30 milyon soydaşımız yaşayır. Amma Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən, o ağır günlərimizdə də biz bu dəstəyi hiss etməmişik.
İran bizi yox, işğalçı Ermənistanı dəstəkləyir. Sərhədləri o zaman qapatsaydı, bəlkə o münaqişənin tənzimlənməsində başqa cür vəziyyət olardı. Bunu etmədi. O gündən bu günə qədər Ermənistanla iqtisadi, ticarət münasibətləri quran, onu yaşadan əsas ölkə də,  – bunu açıq şəkildə deyək, – İrandır. Bu gün Ermənistanla ən çox İranın ticarət əlaqələri, İran iş adamlarının əlaqələri var. Hətta Azərbaycanın işğal olunmuş ərazilərində gah su anbarı tikmək istədilər, – Azərbaycan buna reaksiya verdi, – gah Azərbaycan əleyhinə təxribat işi aparmaq üçün “Səhər” kanalını qurdular. Azərbaycanın etirazlarına baxmayaraq, bu kanal neçə illərdir səhər-axşam Azərbaycan əleyhinə neqativ fəaliyyətini davam etdirir. “Səhər” kanalı Azərbaycan içində təxribat işi aparmaq, Azərbaycan insanlarını dövlət əleyhinə qaldırmaq üçün qurulmuş bir kanaldır və İran onun fəaliyyətini bu gün də davam etdirir.
Azərbaycan hər zaman İranla normal qonşuluq münasibətlərinin qurulmasına çalışsa da, biz əvəzində nə görürük? Əvəzində yenə neqativ fəaliyyət görürük. Azərbaycanda terror aksiyası keçirən qrup ələ keçirilir, İran xüsusi xidmət orqanları ilə əlaqələri açıqlanır. İran parlamentində millət vəkilləri, biz bilirik ki, hansı tapşırıqla Azərbaycan dövlətçiliyi əleyhinə açıqlamalar, Azərbaycanı müstəqil dövlət kimi tanımayacaqları barədə bəyanatlar verməyə başlayıblar. Azərbaycan səfirliyinə, oradakı nümayəndələrimizə qarşı xoşagəlməz hadisələr törədirlər. Bu, nəinki qonşuluq münasibətlərinə, heç adi diplomatik normalara da uyğun deyil.
Biz buradan İran rəsmilərinə, İranın parlamentinə çağırış səsləndiririk, yaxşı eşidin, Azərbaycan normal qonşuluq istəyir, amma siz onu düşmənə çevirirsiniz, bu hərəkətlərinizə son qoyun. Mən də həmkarımın fikrini dəstəkləyirəm ki,  biz bu məsələdə güzəştsiz mövqe tutmalıyıq, çünki İran tərəfindən Azərbaycana qarşı çox mənfi, çox neqativ fəaliyyət sərgilənməkdədir. Biz İranda bu hərəkəti edən qüvvələrə, İran parlamentinə üzümüzü tutub deyirik ki, Azərbaycan müstəqil dövlətdir, bu gün də, sabah da, yüz il sonra da belə olacaq. Siz bununla razılaşmalı və Azərbaycanla normal qonşuluq münasibətləri... 
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bir-bir müzakirələrin hamısını İran üzərinə çeviririk. Biz burada İranı müzakirə eləmirik. Sizin çoxunuz kimi mən də o fikirlə razıyam ki, İranda Azərbaycana qarşı olan qüvvələr var. Biz bu qüvvələrin kökünü axtarmağa başlasaq, görəcəyik ki, yenə kökü bəzi qurumların üstünə gedib çıxır.
İran Azərbaycanla qonşu dövlətdir. Biz İranla əlaqələrin həmişə yüksək səviyyədə olmasına çalışmalıyıq. Bəli, həqiqətən, İran diplomatiyasında bəzi səhvlərə yol verildi. Azərbaycana qarşı parlamentdə çıxışlar oldu, hətta Türkmənçay müqaviləsini ləğv etmək məsələsi qaldırıldı. Ancaq biz gərək öz səviyyəmizi, qonşuluq münasibətlərimizi qoruyub saxlamağa çalışaq. Hər vəchlə çalışaq ki, bu məsələlər çox da dərinləşməsin.
Narahatlıq  ifadə edirlər ki,  hansı qüvvələrsə Azərbaycan ərazisindən İrana  qarşı  istifadə edəcəklər.  Halbuk cənab  Prezident   dəfələrlə   deyib ki, heç bir xarici qüvvə, heç bir xarici dövlət Azərbaycan   ərazisindən heç bir qonşu ölkəyə qarşı heç bir  tədbir keçirə bilməz və Azərbaycan həmişə buna qarşıdır. Bu bizim ümumi mövqeyimizdir. Dövlət başçısı bu mövqeyi bildirib. İran dövləti var, İran dövlətinin prezidenti var, onlar da bu mövqeyi qəbul edirlər, qəbul eləməlidirlər də.
İranda Azərbaycana qarşı neqativ mövqe tutan “Səhər” televiziyası və sair kimi qüvvələrə, bizdə təxribat törətməyə cəhd edən bəzi insanlara gəlincə, onlara da cavabımızı veririk, verəcəyik. Ancaq bu məsələləri dərinləşdirmək lazım deyil. Zahid Oruc dedi ki, bizi vadar eləməsinlər. Bizi heç kəs vadar eləyə bilməz. Biz öz qonşuluq siyasətimizi yerinə yetirməli, çalışmalıyıq ki, bu məsələlər yavaş-yavaş öz yerini tutsun. İqbal Ağazadə.
İ.Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən son bir həftədə Bakını bürüyən şaxtalardan və onun fəsadlarından danışmaq istəyirəm. Çox təəssüflə qeyd edim ki, fövqəladə halda, Bakıda gözlənilməyən şaxtalarda Azərbaycan hökuməti də, Bakı Şəhər İcra Hakimiyyəti də gərəkli missiyanı yerinə yetirə bilmədi. Bakı şəhəri bütövlükdə iflic olub. Yollar keçilməz vəziyyətə düşdü. Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəğmən, Bakının rayonlarında, hətta mərkəzində belə saatlarla, günlərlə işıqlar yanmadı.
Biz seçicilərlə bu istiqamətdə təmasda olduq. Özümüz yaşadığımız yerlərdə bunun şahidi olduq. Bütün bunlar bir yana, televiziya ekranlarından gözümüzün içinə baxa-baxa yalan danışırdılar. Gün ərzində 8 saat, 9 saat işıqlar yanmır, sonra da “Azərenerji”nin nümayəndələri efirə çıxıb deyirlər ki, əhalini fasiləsiz elektrik enerjisi ilə təmin eləmişik.
Bu gün də mən Azərbaycanın kənd rayonlarından hələ o qar başlayandan indiyə qədər işıqların sönməsi barədə teleqramlar almışam, elə Milli Məclis vasitəsilə gələn teleqramlar olub. Cəlilabad rayonunun Üçtəpə kəndində, Yardımlı rayonunun bir neçə kəndində, o cümlədən başqa rayonlarda qar yağandan bu günə qədər işıq yoxdur.
Qar yağan günlərdə  Bakının mərkəzində ən azı Əhmədli zonasında, Tusi küçəsində, Şıxlinski küçəsində günlərlə işıq olmadı, axşam isə hamının gözü qarşısında dedilər ki, işıqlar yanır. Təbii ki, hökumətin hesabatı olanda bunun bir hesabını soracağıq, amma indi də hər halda səlahiyyətli dövlət qurumları bunun hesabatını həmin strukturlardan sormalı idi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müsahibə verir, deyir, küçələrə 12 min ton duz səpmişik. Bir maşın ən azı 20 ton daşıyırsa, 12 min ton 200 maşın deməkdir. 200 yük maşınını Bakının küçələrinə düzsən, elə bu Bakının küçələrini örtər. Hara töküb  12 min ton duzu? Bakı Şəhəri İcra Hakimiyyət 12 min ton duzu haradan hazırlıqlı vəziyyətdə çatdırdı, daşıdı? Hökumət nümayəndələri camaatın gözünün içinə baxa-baxa bu qədər yalan danışanda, heç olmasa, düşünsünlər ki, camaat bunu görür.
Mən dostların birindən soruşdum ki, Bakı şəhərinin hərbi qarnizonu var, hərbçilər var, niyə bu vəziyyətdə hərbçilərdən istifadə olunmur? Çox yaxşı bir misal dedi. Dedi ki, bu qarnizona salınanların hamısı rüşvət verib qarnizona düşüblər, sən deyirsən, onlar gəlib yol təmizləsinlər?
Hər halda hökumət bunlardan ciddi ibrət dərsi götürməli və gələcəkdə Bakı şəhərində, respublikanın digər rayonlarında bu cür hadisələrin təkrar olunmaması üçün fövqəladə tədbirlər görməlidir. Çox sağ olun.
Sədrlik edən. Musa Qasımlı.
M.Qasımlı. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Bir neçə məsələyə diqqətinizi yönəltmək istəyirəm. İlk növbədə deyim ki, dövlətimizin Suriya ilə bağlı mövqeyi tamamilə doğrudur və bunu milli maraqlarımız baxımından düzgün hesab edirəm.
İkinci, bu yaxınlarda Rumıniyada baş vermiş təbii fəlakətlə bağlı ölkəmizin oraya göndərdiyi yardımlar Azərbaycanın artan nüfuzunu göstərir və hesab edirəm ki, biz bunu xüsusi vurğulamalıyıq.
Qeyd edəcəyim üçüncü məsələ demoqrafik proseslərlə bağlıdır. Bildiyiniz kimi, dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri əhalinin sayı və ölkə ərazisinin həcmi, onların nisbəti məsələsidir. Son illərdə ölkəmizdə demoqrafik proseslərin müsbət məcrada inkişafı yaxşıdır. Amma hesab edirəm ki, ölkəmizdə hökumət səviyyəsində çoxuşaqlı ailələrlə bağlı hər hansı bir qərarın qəbul edilməsinə, belə ailələrin maddi cəhətdən, maliyyə cəhətdən stimullaşdırılmasına ehtiyac var. Xatırladım ki, hələ II Dünya müharibəsindən sonra demoqrafik proseslərlə bağlı qəbul edilən qərarlar SSRİ-nin türk-müsəlman xalqlarının üstün artımına gətirib çıxarmışdı və hesab edirəm ki, bu lazımdır. Azərbaycandan xaricə gedənlər diasporumuzun üzvləri olacaqlar. Buna diqqət yetirilməsində fayda görürəm.
Dördüncü məsələ kimi diqqətinizi televiziyalarımıza yönəltmək istərdim. Müstəqillik illərində bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri, heç şübhəsiz, müstəqil mətbuatımız və televiziyamızdır. Amma xaricdəki azərbaycanlılar televiziyalarımızda gedən düşük şou proqramlarından, yersiz filmlərin dublyaj edilərək təqdim olunmasından narazılıq edirlər. Mən hesab edirəm ki, biz informasiya məkanımızı Azərbaycan mədəniyyətinin, elminin, tarixinin, incəsənətinin təbliği üçün bir məkana çevirməliyik, xarici mədəniyyət üçün təbliğat meydanına çevirməməliyik. Bundan ötrü müvafiq qərarların qəbul edilməsində fayda görürəm. Diqqətinizə görə sağ olun.   
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, dəvət olunmuş qonaqlar, mətbuat nümayəndələri! Mən də həmkarlarıma qoşularaq Avroviziya ilə bağlı məsələyə münasibət bildirmək istəyirəm. Yəqin, hamı bir həqiqəti qəbul edir ki, bu, sırf mədəni tədbirdir və hər hansı bir formada siyasətlə bağlı deyildir. Hamı da onu anlayır ki, bu gün Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi bu uğura və bütün dünyanın diqqətini cəlb edən bu hadisəyə bir qrup adam kölgə salmağa, həmin hadisədən siyasi maraqları naminə istifadə etməyə çalışır. Təbii ki, bu yolverilməzdir. Çox təəssüf ki, bu istiqamətdə hətta bir şəbəkə halında fəaliyyət göstərənlər də var. Əgər xatırlayırsınızsa, bir müddət öncə şəhərdə mavilərin paradını keçirmək istəyənlər də var idi.
Bilirsiniz ki, Azərbaycan Avroviziyada birinci yeri tutandan dərhal sonra Leyla Yunusun başçılığı ilə bir qrup bu hadisəyə sərt münasibət bildirdi və bəyan etdi ki, Azərbaycanın buna haqqı çatmır, çünki Azərbaycanda guya siyasi məhbus problemi var. Təəssüf ki, həmkarlarımdan da bəziləri bu problemin olduğunu söyləyirlər. Mən hesab edirəm ki, bu problemə yanaşma çox fərdidir və onların dedikləri kimi deyildir. Xatirinizə salıram ki, vaxtilə Azərbaycanda 716 nəfərlik bir siyahı var idi və bunlar da guya siyasi məhbuslar idi. Həmin siyahı üzrə, demək olar ki, hər kəs azad edildi. Amma o problem ölkədə bəzi qurumlar tərəfindən gündəlikdən çıxarıldımı? Çıxarılmadı. Nə edirsən et, hansı məsələni həll edirsən et, bir qrup insan onsuz da Azərbaycanda problem axtaracaq, əsassız siyasətlə məşğul olacaq.
Ona görə də mən hesab edirəm ki, bu məsələlər sadə məsələlər deyildir. Bundan sonra da bu cür insanların Azərbaycanda bu və ya digər formada təxribat törətməkdən çəkinməyəcəkləri istisna olunmur. Xarici mətbuatda gedən yazılara diqqət edin. Bu yazıların Avroviziya ilə başlayıb əmlak hüquqları ilə qurtarması nəyə xidmət edir? Ona görə mən hesab edirəm ki, Azərbaycan ictimaiyyəti bununla bağlı ayıq-sayıq olmalı, öz mövqeyini açıq şəkildə bildirməkdən çəkinməməlidir.
Biz bu tədbiri ümummilli tədbir kimi ən yüksək səviyyədə keçirməliyik. Ona kölgə salmaq istəyənlər, əlbəttə ki, istəklərinə nail ola bilməyəcəklər. Düşünürəm, Azərbaycan xalqının və ictimaiyyətinin kifayət qədər gücü var ki, bu tədbiri ən yüksək səviyyədə təşkil etsin. Sağ olun.  
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Mən Bakının bəzi daxili problemləri haqqında danışmaq istərdim. Bildiyimiz kimi, Bakı və ətraf rayonları günü-gündən abadlaşdırılır. Ölkə rəhbərliyi və şəhər meriyası bunun üçün əlindən gələni edir. Bu il ölkəmizdə Avroviziya müsabiqəsi keçiriləcəyi üçün bu işlər daha böyük əhəmiyyət daşıyır. Bu müsabiqəyə görə respublikamıza minlərlə qonaq gələcək. Çalışmalıyıq ki, gələn qonaqlar ölkəmizdən müsbət fikirlərlə getsinlər.
Ona görə bir sıra təkliflərimi nəzərinizə çatdırmaq istərdim. Əvvəla, yaxşı olardı ki, görülən abadlıq, asfaltlaşdırma və səkilərin qurulması işləri yalnız mərkəzi yolları və küçələri deyil, Bakının digər küçələrini də əhatə etsin. Çünki turistlər hər şeylə maraqlanan insanlardır. Onlara əmr etmək olmaz ki, şəhərin ancaq mərkəzi küçələrində gəzsinlər. Əgər gələcək qonaqlar mərkəzdən bir az kənara getsələr, başqa mənzərə ilə qarşılaşmış olacaq, yamaqlı asfalt örtüyü və qırılıb dağılmış səkiləri görəcəklər.
İkinci bir məsələ Bakı və ətraf kəndlərin naviqasiya sisteminin hazırlanıb istifadəyə verilməsidir. Belə naviqasiya sistemləri ilə biz başqa ölkələrdə olduqda rastlaşırıq və ondan istifadə edirik. Bizdə bu sistem hələ ki, zəifdir. Hesab edirəm ki, qısa bir vaxtda biz bu sistemi bir neçə xarici dildə hazırlayıb, kütləvi istifadəyə verməliyik ki, turistlər də ondan istifadə edə bilsinlər.
Digər tərəfdən, Bakı küçələrində, binaların üstündə küçələrin adını, binaların nömrələrini aydın əks etdirən iri lövhələr vurulmalıdır. Çünki bu gün biz özümüz tanımadığımız yerləri rəsmi ünvanla yox, dükan, mağaza, şadlıq saraylarının adını verməklə tapırıq. Küçələrin əksəriyyəti, demək olar ki, adsızdır. Binaların nömrələrinə isə, demək olar ki, heç rast gəlmək mümkün deyil. Ona görə gələn qonaqlar çətinlik çəkəcəklər.
Həmçinin şəhərin hər yerində zibil qutuları qoyulmalı, ictimai tualetlər tikilməlidir. Buna müsbət misal  kimi Bakı bulvarını göstərmək olar. Orada hər 5-10 metrdən bir müasir zibil qutuları qoyulub. Onun nəticəsidir ki, bizim bulvar şəhərimizin ən təmiz və səliqəli yerinə çevrilib. Lakin şəhərin digər yerlərində biz, təəssüf ki, buna bənzər mənzərə ilə qarşılaşmırıq.
Kimə  isə xırda görünən bu məsələlər abadlaşdırılan şəhərin xarici görünüşünə, təhlükəsizliyinə, rahatlığına və təmizliyinə xələl gətirir. Xahiş edirəm ki, qeyd etdiyim bu məsələlər ciddi nəzərdən keçirilsin və aidiyyəti qurumlar bu çatışmazlıqları Avroviziya müsabiqəsinə qədər aradan qaldırsınlar. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, cənab Sədr. Mən hər şeydən əvvəl burada İranın Azərbaycana təqdim etdiyi məlum nota ilə bağlı səslənən narahatlıqları bölüşürəm. Hesab edirəm ki, biz qonşuluq münasibətlərimizi özümüzün tutduğumuz istiqamətdə davam etdirməklə yanaşı, qonşu ölkələrin buraxdığı səhvləri də xarici siyasi fəaliyyət tərzinə uyğun diplomatik bir şəkildə onların diqqətinə çatdırmalıyıq.
Cənab Sədr, Siz söylədiniz ki, biz çox dərinə getməyək. Mən də çox dərinə getməməyin tərəfdarıyam. Amma elə bil ki, qonşular sarıdan Azərbaycanın bəxti bir az gətirməyib. Tutalım, qondarma erməni soyqırımı haqqında hələ əsrin əvvəlindən məsələlər qalxanda dünyada buna ilk reaksiya verən biz olduq və həmişə də bu mövqeyimizə sadiq qaldıq. Hər dəfə də Azərbaycanın bu mövqeyinin təqdir edilməsi əvəzinə ünvanımıza ittihamlar eşitdik. Soyqırımı aktını qəbul edən Ermənistan, soyqırımı törədən erməni kənarda qaldı, ittiham edilən Azərbaycan oldu.
İranla bağlı məsələlərdə də hər dəfə qonşuluq münasibətini gözləməyə çalışdıq. Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhdidlərə, hərəkətlərə yol verilməyəcəyini bəyan etdik, amma bunun müqabilində İrandan sərt notalar eşitdik. İranı təhdid edən, İranı vurmaqla hədələyən, İranı tutduğu özünəməxsus yoldan döndərməyə çalışan ölkələr bir yanda qaldı, ittiham edilən Azərbaycan oldu. Qəribə işdir. Bu bizim qonşularımızın Azərbaycana ədalətsiz bir münasibətidir. Mən bunu söyləmək istəyirəm.
Burada səslənən digər fikirlərə gəlincə, bu gün, doğrudan da, dünyada və bölgədə gedən proseslər elədir ki, biz onların hamısına adekvat münasibət bildirməliyik. Bu gün dünyada təhlükəsizlik problemləri var, siyasi məsələlər həddindən artıq gərgindir, emosiyalar qızışıb, dünyanı bir sıra ağır nəticələr verə bilən hadisələr gözləyir. Dünyanın hər yerini bu gün qar, çovğun, şaxta bürüyüb. Elə bil ki, bütün istiqamətlərdə dünyanı birgə fəaliyyət göstərməyə təhrik edən məqamlar vardır. Amma dəyərləndirmələr fərqlidir.
Bu gün dünyanın bir çox ölkələrində çovğundur, şaxtadır, temperatur həddən artıq aşağı düşüb. Hətta şaxtaya, qara, sərt qışa öyrəşmiş ölkələrin özündə belə çoxsaylı insan tələfatı ilə nəticələnən proseslər gedir. Mən o ölkələrin bir çoxunun mətbuatını məqsədli şəkildə izləmişəm ki, görüm, onların da mətbuatında təbiət hadisələri ilə bağlı problemlərə Azərbaycan mətbuatında sərgilənən münasibətlərə oxşar münasibətlər var, yoxdur. Buna bənzər nəyə isə rast gəlməmişəm. Faktlar qeyd oluna bilir, amma bu faktların baş verməsinə görə ittiham hallarına mən rast gəlməmişəm.
Azərbaycanda belə hadisələr törəyəndə çox qəribə bir vəziyyət yaranır. Bizim ölkəmizdə təbiət hadisələrini də mövcud iqtidarın, Azərbaycan dövlətinin əleyhinə yönəltmək üçün bir fürsət kimi qəbul edənlər var. Çox yaxşı ki, Azərbaycanda insan tələfatına yol verilmədi, çox yaxşı ki, bizi narahat edən digər məsələlər, hadisələr baş vermədi. Nə baş verdi? Qar yağdı, şaxta son 100 ildə olmayan həddə çatdı. Ən nadir hadisə baş verdi – Xəzər dənizi dondu. Ona görə də Şimal Elektrik Stansiyasında problem baş verdi və elektrik məcburi şəkildə fasilələrlə verilməyə başladı. Bunu uyğun şəkildə cəmiyyətə, ictimaiyyətə çatdırmaq, bu vəziyyətdən necə çıxmağın yollarını aramaq əvəzinə bu ittihamlar kimə lazımdır? Mən bunu başa düşə bilmirəm.
Yollara 200 maşın çıxıb, ya çıxmayıb, 15 maşın çıxıb, ya çıxmayıb. Bu nə deməkdir? Biz hamımız Bakı şəhərində yaşayırıq. Kim isə ümumilikdə bütün şəhər üzrə təmizləmə hallarının olmadığını söyləyirsə, çox böyük yalan danışır. Kim isə heç bir problemin olmadığını söyləyirsə, o da yalan danışır. Obyektiv olmaq, səmimi olmaq, siyasi mübarizənin yollarını, vasitələrini, mexanizmlərini düzgün seçmək lazımdır. Bu gün insanların o zəif hissləri üzərində oynamaq və onları bir narazı kütlə kimi öz ətrafına çəkmək cəhdində bulunmaq, hesab edirəm ki, siyasətçiyə başucalılıq gətirən hadisə deyildir.
Bu gün Bakının küçələri, Allaha şükür, tərtəmizdir. Hər kəs işinə rahat gəlib gedir. Elə həmin qarlı-çovğunlu, şaxtalı günlərdə mən özüm də dəfələrlə küçələrə çıxmışdım. Əsas küçələr, demək olar ki, tərtəmiz idi və nəqliyyat da sərbəst şəkildə fəaliyyət göstərirdi. Amma mənim diqqətimi cəlb edən bir məsələ oldu. Mən vətəndaşların bu prosesdə iştirakını görmədim və indiyə qədər də görməmişəm. Siz bilirsiniz ki, Bakı şəhərində nə qədər ictimai iaşə obyektləri, restoranlar, şadlıq evləri var. Onların hansı birinin kollektivi çıxıb öz iş yerinin qarşısını təmizlədi, bu prosesdə dövlət qurumlarına yardım göstərdi? Hansı bir vətəndaş öz evinin qarşısını təmizlədi?
Mən hesab edirəm ki, mətbuat nümayəndələri ictimaiyyətin, vətəndaşların məsuliyyətini artırmaq istiqamətində təbliğata daha çox önəm verməlidirlər. Onsuz da bu qurumlar hələ qar, yağış başlamamışdan əvvəl də bəyan edirdilər ki, onlar buna hazırlaşıblar. Pis hazırlaşıblar, yaxşı hazırlaşıblar, bunun qiymətini sonda vermək olar. Amma vətəndaşlar buna niyə hazır deyillər? Biz niyə hazır deyilik? Elə həmin mətbuat orqanlarında siyasi partiyaların gənclərinin nümayəndələrinə sual verilir ki, siz bu qarın, buzun təmizlənməsində iştirak etmək istəyirsinizmi? Görün nə qədər “dəyərli” bir cavab verir. Deyir: “Biz Azərbaycan xalqının yolundan bu iqtidarı təmizləməklə məşğul olmaq istəyirik”. Görün bu insanların beyni, şüuru nə qədər korlanıb, tamamilə yanlış istiqamətə yönəldilib.
Ona görə də əzizlərim, mən sizə bir daha müraciət etmək istəyirəm. Siyasi mübarizə aparın. Azərbaycanda bunun üçün gözəl şərait var. Biz çox şadıq ki, Azərbaycanda çoxsaylı siyasi partiyalar var və onlar Azərbaycanda hakimiyyətə gəlmək üçün qanunun yaratdığı bütün imkanlardan istifadə edə bilərlər və etməlidirlər. Biz özümüzə çox güclü bir alternativ istəyirik. Amma yoxdur, nə edək? Ona görə ki, səyləriniz başqa istiqamətə yönəlir, hədəfləri, mexanizmləri, yolları düzgün seçmirsiniz. Bu bizim günahımız deyil. Xahiş edirəm, günahları nə Azərbaycan iqtidarında axtarın, nə qarda, yağışda axtarın, nə də təbiətə qarşı çıxın. Təbiətə qarşı hələ heç kəs çıxa bilməyib. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. 50 dəqiqədir, müzakirə aparırıq. Mən hesab edirəm, artıq gündəliyə keçmək lazımdır. Gündəliyin birinci məsələsi –Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında. Buyursun Ziyad Səmədzadə. 

Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə yeni tələblərə uyğun olaraq yaradılan iqtisadi strukturlardan biri də Mərkəzi Bankdır. Mərkəzi Bank Azərbaycan Respublikasının müstəqilliyinin, ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasında çox geniş və məhsuldar fəaliyyət göstərir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının 20 illiyi ilə əlaqədar olaraq respublikanın bank sistemində uzun illər səmərəli fəaliyyət göstərən bir neçə əməkdaş ən yüksək mükafatlara layiq görülmüşdür.
Milli Məclisin statusuna uyğun olaraq cənab Prezidentin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi Milli Məclis tərəfindən təsdiq olunur. İqtisadi siyasət komitəsi cənab Prezident tərəfindən Milli Məclisə daxil olmuş sənədi, yəni Alim Quliyevin, Aftandil Babayevin və Vadim Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında müraciəti müzakirə etmiş və ona yekdilliklə səs vermişdir.
Komitədə birmənalı şəkildə bildirildi ki, adlarını çəkdiyimiz insanlar uzun illər Azərbaycanın bank sistemində uğurla, səmərəli fəaliyyət göstərmişlər. Qlobal maliyyə böhranı şəraitində Azərbaycan Respublikası pul-kredit siyasəti ilə, bank sistemi ilə əlaqədar sarsıntılarla üzləşmədi. Nə üçün? Çünki pul-kredit siyasəti düzgün həyata keçirildi. Komitə üzvləri yekdilliklə bildirdilər ki, ölkənin pul-kredit sisteminin qlobal böhrandan uğurla çıxmasında, heç şübhəsiz ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri hörmətli Elman müəllimin və onun komandasının xüsusi xidmətləri var.
Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə namizədlər haqqında sənəd sizə paylanıb. Burada onlar barədə kifayət qədər məlumat var. Hamısı 15 ildən artıqdır bank sistemində işləyir. Mən millət vəkillərindən xahiş edərdim ki, onların namizədliyinin təsdiq olunmasına səs versinlər. Qeyd etmək istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə hər üç yoldaş, yəni Alim Quliyev də, Aftandil Babayev də, Vadim Xubanov da ən yüksək vətən mükafatlarına layiq görülmüşlər. Üstəlik, bizim dostumuz, həmkarımız, iqtisadçı alim, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Sədrlik edən. Ziyad müəllim, aydındır. Biz də bu təltif münasibəti ilə onları təbrik edirik. Milli Məclisin üzvlərinin əksəriyyəti Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin hamısını yaxşı tanıyır. Hamımız bilirik ki, onların çox yüksək iş qabiliyyəti var. Ona görə xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, yekdilliklə qəbul edildi. Sizi təbrik edir, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Gündəliyin ikinci məsələsinə keçirik. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi. Buyursun Vilayət Zahirov.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Yola saldığımız 2011-ci ildə qlobal böhran şəraitində yaşayan çağdaş dünyamız bir sıra yeni problemlərlə üzləşsə də, respublikamızda həyata keçirilən çox uğurlu və düzgün siyasət nəticəsində bütün sahələrdə dayanıqlıq təmin edilmiş, ölkəmizin valyuta ehtiyatları, kredit reytinqləri, beynəlxalq nüfuzu daha da artmışdır. 2011-ci il həm də respublikamız üçün siyasi, diplomatik sahədə qazanılan uğurlarla əlamətdardır. Ötən il oktyabr ayının 24-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin plenar iclasında Azərbaycanın bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin diplomatik qələbələrinin zirvə nöqtəsi oldu.
Dövlət müstəqilliyinin 20 ili ərzində ölkəmizdə çoxsaylı siyasi, sosial-iqtisadi uğurlarla yanaşı, yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində də önəmli nailiyyətlər əldə edilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özünün ali məqsədi elan etmiş dövlətimiz ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm baza yaratmışdır.
Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər 2011-ci ildə də davam etdirilmiş, yerli demokratiya və özünüidarəetmənin daha da inkişaf etdirilməsi üçün bir sıra qanunlar qəbul edilmiş, bələdiyyələrə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılmışdır.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə inzibati nəzarətin yaxşılaşdırılması üçün Ədliyyə Nazirliyi kollegiyasının 2010-cu il 29 dekabr tarixli qərarı ilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində milli strategiyanın ədliyyə orqanlarında icrası üzrə 2011-ci ilin tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında bələdiyyələrin fəaliyyətində aşkar edilmiş qanun pozuntularını təhlil etmək və onların qarşısının alınması üçün tədbirlər görmək, bələdiyyə üzvü və qulluqçuları üçün bələdiyyə qanunvericiliyinə dair maarifləndirmə tədbirləri keçirmək və başqa önəmli məsələlər nəzərdə tutulmuş və onların icrası təmin edilmişdir.
Nazirliyin 2011-ci il 31 yanvar tarixli kollegiya iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri geniş müzakirə edilərək bu sahədə effektivliyin artırılması məqsədi ilə ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün əlavə tədbirlər barədə nazirlik üzrə 2011-ci il 1 fevral tarixli əmr imzalanmışdır. Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlardan və korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın dövlət başçısının göstərişi ilə  2011-ci il 27 yanvar tarixdə keçirilmiş geniş iclasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilmiş, yerli özünüidarə orqanları tərəfindən yol verilən korrupsiya hüquqpozmalarının aşkar edilməsi üzrə məqsədyönlü tədbirlərin görülməsi, bu sahədə prokurorluq orqanları ilə qarşılıqlı fəaliyyətin səmərəsinin artırılması, bələdiyyələrə göstərilən metodik yardımın səviyyəsinin yüksəldilməsi bir vəzifə olaraq regional ədliyyə şöbələrindən tələb edilmişdir.
Ədliyyə Nazirliyinin vəzifə və funksiyalarına uyğun olaraq bütün imkanlardan istifadə edilməklə bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsində səmərəliliyin təmin olunmasına, bu yöndə qanunçuluğun gücləndirilməsinə diqqət daha da artırılmışdır. İnzibati nəzarətin həyata keçirilməsində regional ədliyyə şöbələrinə əməli və metodik yardımın göstərilməsi üçün müvafiq normativ hüquqi aktlardan irəli gələn vəzifələr onların iştirakı ilə bir daha müzakirə edilərək zəruri tapşırıqlar verilmiş, 2011-ci ildə hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarına regional ədliyyə şöbələrində baxılması bütünlüklə təmin olunmuşdur.
Qeyd olunmalıdır ki, ölkədaxili antikorrupsiya siyasətinin gücləndirilməsi, bu məqsədlə  Ədliyyə Nazirliyində qaynar xəttin açılması vətəndaşların müraciət etmək imkanlarını xeyli asanlaşdırmışdır. İl ərzində nazirliyə vətəndaşlardan və ayrı-ayrı qurumlardan bələdiyyələrin fəaliyyəti ilə bağlı 2 min 387 müraciət daxil olmuşdur. Korrupsiya hüquq-pozmaları ilə bağlı 38 müraciət  daxil olmuş, 10 müraciət  “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanına uyğun olaraq dərhal prokurorluq orqanlarına göndərilmişdir.
Müraciətlərə baxılarkən aşkar edilmiş hüquqpozmaların aradan qaldırılması və qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilmişdir.
2011-ci ildə bələdiyyələr tərəfindən qəbul edilmiş 31 min 974 akt ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinə göndərilmişdir ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 1902  bələdiyyə aktı ekspertiza üçün göndərilmişdir. Bələdiyyə aktlarının sayındakı bu artımı bələdiyyələrin  hüquqi maarifləndirilməsi işinin, inzibati məsuliyyət institutunun tətbiqinin və həyata  keçirilmiş başqa tədbirlərin səmərəli olmasının göstəricisi hesab etmək olar. Təqdim edilmiş bələdiyyə aktlarının hər birinə ayrı-ayrılıqda  baxılaraq mahiyyəti üzrə rəy tərtib edilmişdir.
Ekspertiza aparılarkən aşkara çıxarılan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülmüş, müxtəlif bələdiyyələrdə yol verilmiş hüquq pozuntularının gələcəkdə təkrar olunmaması məqsədi ilə 3 min 579 tövsiyə verilmiş, 1646 bələdiyyə aktının qəbulunda daha cidd hüquq pozuntularına yol verilməsi nəzərə alınaraq onların ləğv edilməsi və ya dəyişdirilməsi təklif olunmuşdur.  Həmin təkliflərə əsasən 485 bələdiyyə aktına dəyişikliklər edilmiş, 987 akt ləğv edilmiş, 39  akt üzrə məhkəmələrdə iddialar qaldırılmışdır.
Ötən il 28 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş, onlardan 15-i üzrə cinayət işi başlanmışdır. Aşkar edilmiş faktlar üzrə aparılmış təhlillər göstərmişdir ki, Bakı şəhərinin Bakıxanov və Ramana bələdiyyələrində, Şəmkir rayonunun Çənlibel, Qapanlı bələdiyyələrində, Samux rayonunun Sabir, Salyan rayonunun Xıdırlı, Balakən rayonunun Qazbinə, Ağstafa rayonunun Tatlı bələdiyyələrində daha ciddi qanun pozuntularına yol verilmişdir.
Bələdiyyələr tərəfindən bütünlükdə il ərzində 5483 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları aşkar edilmişdir. Onlardan 143 hektar torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 4075 hektar torpaq sahəsinin icarəyə, 60 hektar torpaq sahəsinin istifadəyə qanunsuz ayrılması haqqında qərarlar nazirliyin təklifləri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir.
Yerli özünüidarəetmə orqanları tərəfindən ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı əvvəlki illərlə müqayisədə xeyli artsa da, bir sıra bələdiyyələr “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş  bələdiyyə aktlarını vaxtında təqdim etməmişlər. Belə halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin   müvafiq maddələrinə əsasən inzibati xəta haqqında 690 protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Müqayisə üçün qeyd edirik ki, 2010-cu ilin müvafiq dövründə inzibati xəta haqqında 485 protokol tərtib olunmuşdur.
Ədliyyə Nazirliyinin kollegiyasının qərarlarına uyğun olaraq 2011-ci ildə bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları ilə bağlı aparılmış təhlil və ümumiləşdirmə nəticəsində aşağıdakı qanun pozuntularının xarakterik olması müəyyən edilmişdir. Bunlardan satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, hərrac və müsabiqədən kənar qanunsuz torpaq satışı, torpaq sahəsi ayrılarkən bazar qiymətlərinin nəzərə alınmaması, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan torpaq ayrılması, zəbt edilmiş torpaq sahələrinin  boşaldılması üçün tədbirlərin görülməməsi, mülki dövriyyəyə çıxarılan torpaqlar barədə əhalinin məlumatlandırılmaması, bələdiyyə tərəfindən vətəndaşlara əvəzi ödənilmədən pay torpaqlarının verilməsi, pul vəsaitlərinin qanunsuz  xərclənməsi, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi, bələdiyyələrin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və ya məhv edilməsi, əsas vəsaitlərinin qanunsuz satılması, demokratik idarəetmə qaydalarının pozulması, əmlak qanunvericiliyinin tələblərinin pozulması kimi məsələləri göstərmək olar.
Araşdırmalar göstərir ki, bələdiyyələrin bir çoxunda vergi və ödənişlərin yığılmasında səriştəsizlik və passivlik vardır.  Torpaq, mədən və başqa vergi və ödənişlərin icarə haqlarının  vaxtında və tam yığılması təmin edilməmişdir ki, bu da bələdiyyə büdcəsinə mənfi təsir göstərir. Üstəlik, vergi ödəyicilərinə, icarəçilərə qarşı tələbkarlığın olmaması ilə bağlı məhkəmələrə müraciət edilməsi halları yox dərəcəsindədir.
Başlıca problemlərdən biri də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır. Halbuki torpaqlardan səmərəli istifadə olunması yerli büdcənin gəlirlərinin artırılması üçün əsas qaynaqlardan biri ola bilər.
Azərbaycan Respublikasının Baş Prokurorluğu da bələdiyyələrdə tez-tez rast gəlinən xarakterik qanun pozuntularını, onlara şərait yaradan halları təhlil etmiş və müvafiq təkliflər vermişdir. Həmin təkliflər əsasında Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə tövsiyələr verilmiş, aidiyyəti məsələlər barədə tədbirlər görülməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də məlumatlandırılmışdır. 
2011-ci il ərzində bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə 59 seminar keçirilmiş, bu seminarlarda 4671 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublikanın bələdiyyələri üçün 8 seminar keçirilmiş və bu seminarlara 550 şəxs  cəlb olunmuşdur. Bütövlükdə maarifçilik tədbirlərinə il ərzində 5 mindən çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 22 faiz çoxdur. 2011-ci ildə də bələdiyyələrə metodik kömək göstərilməsi istiqamətində işlər davam etdirilmiş, aktual mövzular üzrə 11 metodik  vəsait hazırlanmış, “Yerli özünüidarə orqanlarının normativ aktları” bülleteninin çap işi davam etdirilmiş və bu dərgidə bələdiyyələr üçün  fayda verən materiallar dərc olunmuşdur.
Bələdiyyə fəaliyyətinin daha səmərəli həyata keçirilməsi,  hüquq pozuntularının qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən tövsiyələr verilmişdir. Bu tövsiyələr bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, yerli büdcənin tərtib edilməsi və icrası, bələdiyyə tərəfindən ayrılmış vəsaitin miqdarının iclas qərarında əks etdirilməsi, bələdiyyələrdə kargüzarlıq işinin təşkili və vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın artırılması və sair ilə bağlı olmuşdur. 2011-ci ildə istintaq orqanlarından daxil olmuş təqdimatların hüquq pozuntularının qarşısının alınmasında profilaktik önəm daşıması nəzərə alınaraq onların hər birinin ayrı-ayrılıqda bələdiyyələrdə müzakirələri təşkil edilmiş, nəticəsi üzrə tədbirlər görülmüşdür. Eyni zamanda, aşkar edilmiş cinayət xarakterli qanun pozuntularının təkrar edilməməsi və belə pozuntuların profilaktikasının gücləndirilməsi məqsədi ilə yol verilmiş pozuntular aidiyyəti bələdiyyələrdə müzakirə edilmiş, bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir. 
Yerli özünüidarənin səmərəli həyata keçirilməsində milli assosiasiyaların rolu mühüm olmuşdur. Milli assosiasiyaların nümayəndələri Milli Məclisin Regional məsələlər komitəsinin yerli özünüidarəetmə ilə bağlı keçirilən iclaslarında iştirak etmiş, öz təklif və rəylərini bildirmişlər. Milli assosiasiyaların təşəbbüsü ilə ölkəmizdə “Yerli demokratiya” həftəsi keçirilmişdir. Həftə çərçivəsində açıq qapı günləri təşkil edilmiş, yerli əhalinin rəy və təklifləri öyrənilmişdir. Milli assosiasiyaların nümayəndələri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqının Regional Komitəsi və bir sıra başqa beynəlxalq qurumlarla əməkdaşlığı davam etdirmişlər.  
Ədliyyə Nazirliy yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq qurumları ilə əməkdaşlığı davam etdirmiş, bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir. Bu tədbirlərdə nazirliyin nümayəndələri ümumavropa məsələlərinin müzakirəsində təkliflərlə çıxış etmiş, ölkəmizdə yerli demokratiyanın vəziyyəti və başqa məsələlər üzrə ətraflı məlumatlar vermişlər.
2011-ci il 3–4 noyabr tarixlərində Kiyev şəhərində Avropa Şurası yerli və regional hakimiyyətlərə məsul nazirlərin  Konqresinin 17-ci sessiyası keçirilmişdir. Sessiyada yerli səviyyədə insan hüquqlarının təmin olunması, iqtisadi və maliyyə böhranı zamanı yerli özünüidarəetmə, transsərhəd əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunmuş, fikir və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyəti respublikamızda aparılan hərtərəfli islahatlar barədə məlumat vermiş, dünyanı iqtisadi böhranın bürüdüyü illərdə də ölkəmizdə intensiv sosial-iqtisadi inkişafın davam etdiyini, Ermənistanın ölkəmizə qarşı təcavüzünün transsərhəd əməkdaşlığının həyata keçirilməsində əsas maneə olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Sessiyada yerli və regional demokratiya sahəsində fəaliyyətin gücləndirilməsini özündə əks etdirən Kiyev bəyannaməsi qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Ermənistan tərəfi bəyannamə layihəsinə işğal olunmuş ərazilərimizdə yaradılmış qanunazidd rejimin təşviqinə və sərhədyanı əlaqələrin yaradılmasına dair təkliflər vermiş, lakin Azərbaycan tərəfinin qəti tədbirləri nəticəsində Ermənistanın bu təxribat hərəkətlərinin qarşısı alınmışdır.
Bələdiyyələrin işinin təkmilləşdirilməsi, müvafiq tələblərə uyğun qurulması dövlətimizin daim diqqət mərkəzində olmuşdur. 2011-ci il noyabrın 30-da bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin uğurla keçirilməsi də bunu təsdiq edir. Şəffaf və demokratik şəraitdə keçirilmiş bu seçkilərdə seçicilərin fəallığının yüksək olması əhalinin yerli özünüidarəyə marağının  artmasının göstəricisidir. Hazırda birləşmə nəticəsində yaranmış 5 yerli özünüidarəetmə orqanı üzrə qanunvericiliyə uyğun olaraq təhvil-təslim işlərinin aparılmasına başlanmışdır.
Yerli özünüidarənin yaxşılaşdırılması, bu sahədə qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün bir sıra qanun layihələri hazırlanaraq baxılması üçün aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflərin bir çoxu Milli Məclisin qəbul etdiyi və artıq qüvvəyə minmiş 2011-ci il 25 oktyabr tarixli Qanunda öz əksini tapmışdır. 
Dövlət büdcəsindən bələdiyyələr üçün hər il ayrılan dotasiyanın  miqdarının artırılaraq 2012-ci il üçün 5 milyon manat məbləğində müəyyən edilməsi barədə  Milli Məclisin qəbul etdiyi qanun yerli özünüidarəetmə orqanlarına maliyyə köməyi baxımından çox əhəmiyyətlidir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli Fərmanı ilə yerli icra hakimiyyəti və özünüidarə orqanlarının normativ xarakterli materiallarının hazırlanması və qəbul edilməsi qaydaları da təsdiq edilmişdir. Bu qaydaların əhəmiyyəti nəzərə alınaraq onların bələdiyyələrdə öyrənilməsi üçün hazırda maarifçilik tədbirlərinə başlanılmışdır.
Yerli özünüidarə orqanlarının işinin yaxşılaşdırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən aşağıdakı təkliflərə baxılmasını məqsədəuyğun hesab edirik.
Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2008-ci il 28 oktyabr tarixli Qanuna əsasən  bir sıra istisnalar nəzərə alınmaqla torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və müsabiqəsi nəticəsində uzadıla bilər. Qeyd olunan müddət Torpaq Məcəlləsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və bələdiyyələrin torpaq  münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının müvafiq normalarında öz əksini tapmadığı üçün həmin qanunun tətbiqində çətinliklər yaranır. Ona görə də qeyd edilən normanın bələdiyyə torpaqları ilə bağlı münasibətləri tənzimləyən mövcud qanunvericilikdə öz əksini tapması təklif olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr  notariat qaydasında təsdiqlənməlidir. Bu normanın tələblər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq bazarı haqqında” qanunlarda əks etdirilmədiyi üçün müəyyən çətinliklər yaradır. Ona görə də həmin qanunların Mülki Məcəlləyə uyğunlaşdırılması məqsədəmüvafiqdir. 
Hörmətli millət vəkilləri,  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzəni diqqətinizə çatdıraraq müzakirələr zamanı səslənəcək təkliflərin, tövsiyələrin və iradların ölkəmizdə yerli demokratiyanın inkişafına töhfə verəcəyinə əmin olduğumuzu bildirmək istəyirəm. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim. Müzakirələrə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Hər il biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsini dinləyirik. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin bu istiqamətdə fəaliyyəti hər halda bələdiyyələrin işinin inkişaf etdirilməsinə, onların müəyyən dərəcədə Konstitusiya normalarına əməl etməsinə kömək göstərir və bir sıra hallarda da maarifçilik xarakterli bir sıra məsələlərin bələdiyyələr tərəfindən daha dəqiq mənimsənilməsinə yardım edir. Bu müsbət bir haldır və mən bu müsbət halı qeyd etməliyəm.
Mən bu məruzələrin müzakirə qaydalarının bir qədər dəyişdirilməsini təklif etmək istəyirəm. Bildiyiniz kimi, bizim Konstitusiyada dəyişikliklər oldu. Bundan sonra bələdiyyələrin hesabatı məsələsi parlamentdə xüsusi qanunla tənzimlənəcək və bələdiyyələr həm də  parlamentə hesabat verəcəklər. Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məsələni ya Nazirlər Kabinetinin hesabatı çərçivəsində Ədliyyə Nazirliyinin bir icra qurumunun bu sistem daxilində hesabat verməsi kimi müəyyənləşdirə, ya da elə bələdiyyələrin hesabatı zamanı müzakirəyə çıxara bilərik. Çünki bu məruzələri bu cür dinlədikdən sonra bizim hər hansı bir siyasi, hüquqi nəticə ortaya qoymaq, bu fəaliyyətin müsbət, ya mənfi olmasını qiymətləndirmək imkanımız olmur.
Konkret məruzə ilə bağlı nəyi demək istəyirəm? Ümumiyyətlə, Ədliyyə Nazirliyinin fəaliyyəti nə qədər güclü olur-olsun, bələdiyyələrin statusu, səlahiyyəti artmadıqca, yerli özünüidarəetmə orqanı kimi funksiyalarını yerinə yetirmək imkanı olmadıqca, bu, sadəcə, formal bir fəaliyyətdən o tərəfə keçməyəcək və faktiki olaraq yerlərdə ikili hakimiyyət bələdiyyələrin canlanmasına imkan verməyəcək.
Siz diqqət edirsinizsə, məruzədə də göstərilir, prokurorluq orqanlarına 28 bələdiyyə ilə bağlı təqdimat verilibdir. 28 bələdiyyənin hansı fəaliyyəti ilə bağlı? Ancaq torpaq satmaqla bağlı. Siz diqqət edirsinizsə, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi və ekoloji proqramların qəbulu və icrasında, büdcə ilə bağlı onlarca bu kimi məsələlərdə bələdiyyələrin fəaliyyəti olmadığına görə artıq bunun araşdırılması mümkün deyil. Faktiki olaraq bələdiyyənin torpaq satmaqdan başqa bir fəaliyyəti yoxdur.
Artıq biz qərar verməli və bələdiyyəni ölü qurumdan vətəndaşa xidmət edən, yerli problemləri öz üzərinə götürən canlı bir quruma çevirməliyik. Bunu əgər edə bilməsək, onlarla belə nəzarət olsa belə, bələdiyyə fəaliyyəti olmayacaq, sadəcə, statistika xatirinə bu  məsələni hər zaman müzakirə edib gündəmdən  çıxaracağıq. Çünki burada da qeyd olunur, məsələn, bələdiyyələr sosial həyatda iştirak edir, vətəndaşların problemlərinin həllində təşəbbüs göstərir və sair. Amma buna misal  gətirmək mümkün deyil. Çünki bələdiyyələrin sosial həyatda iştirakı, yaxud təşəbbüskarlıq imkanı, demək olar ki, sıfıra bərabərdir.
Nəhayət, bir vacib məsələyə toxunmaq istəyirəm. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın bu sahədə ixtisaslaşdırılmış bir fəaliyyəti var. Bu fəaliyyət nəticəsində o bu sahədə olan nöqsanları, burada qanunvericiliklə bağlı hansı boşluqların olduğunu bəlkə də bizdən daha yaxşı bilir. Amma bu orqanın illik məruzəsində cəmi iki təklif səsləndi. Mən istərdim ki, bu kimi sənədlər hazırlananda çox sayda təkliflər verilsin. Onsuz da verilən təkliflərin hamısının Milli Məclisdə qəbul olunub-olunmayacağı əvvəlcədən bəlli deyil. Amma çox sayda təkliflər verilsin ki, heç olmasa, Milli Məclisdə bu orqanın bələdiyyələrin dirçəldilməsinə xidmət edən fəaliyyətini göstərən bir əsas olsun. Çünki sizin tərəfinizdən, yəni daha ixtisaslaşmış bir orqan tərəfindən nə qədər çox təklif verilərsə, o qurumların inkişafına bir o qədər fayda verə bilər. Amma bu iki təklif, məncə, çox azdır. Hər halda növbəti illərdə buna xüsusi diqqət yetirmək lazımdır ki, bilək, bu sahədə hansı boşluqlar var, biz daha nələri edə bilərik, Milli Məclisin müvafiq komitəsinin bu istiqamətdə daha hansı təşəbbüslə çıxış etməsi vacibdir. Bunlar nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 
Sədrlik edən. Sağ olun. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə söz verilir. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Ədliyyə Nazirliyinin hesabatından, nazir müavini Vilayət Zahirovun məlumatından göründüyü kimi, 2011-ci ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvlərinin, aparat işçilərinin bilik səviyyəsinin yüksəldilməsi, onların işində şəffaflığın, aşkarlığın bərqərar olması və bələdiyyələrlə seçicilər arasında əlaqələrin fəallaşması sahəsində xeyli iş görülmüşdür.
Bələdiyyə qanunvericiliyinə edilmiş dəyişikliklər, əlavələr və bütövlükdə onun təkmilləşdirilməsi yuxarıda qeyd olunan müsbət meyillərə əsas yaratmışdır. Məsələyə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin imkanları və fəaliyyətinin dinamikası nöqteyi-nəzərindən yanaşsaq, məruzə məqbul sayıla bilər. Regional məsələlər komitəsində müzakirə zamanı da belə qənaətə gəlinmişdir. Lakin məsələyə yerli özünüidarə orqanlarının cəmiyyətdə rolu və qarşıda duran vəzifələrinin  icrası  nöqteyi-nəzərindən yanaşsaq, görərik ki, vəziyyət heç də ürəkaçan deyil. Mən bələdiyyələrin ölkənin idarəetmə sistemində Konstitusiya ilə təsbit olunmuş rolu, vətəndaş cəmiyyətinin vacib tərkib hissəsi olması və sair barədə hamıya məlum olan məsələlərdən danışıb vaxtınızı almaq istəmirəm. Sizə bəzi düşüncələrimi çatdıracağam.
Sovet dönəmində kəndlərdə yolların təmiri, bir çox hallarda hətta onların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması və digər məsələlər kolxoz və sovxozlar tərəfindən həyata keçirilirdi. Kiçik və bir çox hallarda respublika əhəmiyyətli şəhərlərdə bu işləri, əsasən, böyük müəssisələr aparırdı. Hətta o vaxt şəhər yaradan müəssisə – “градообразующие предприÑтиє adında bir termin də mövcud idi. Hazırda kolxoz və sovxoz yoxdur, neft sənayesi müəssisələri istisna olmaqla yerli məsələlərlə məşğul olan zavod və fabrik də az tapılar. Ona görə də yuxarıda sadalanan  yerli əhəmiyyətli məsələlərin həlli bələdiyyələrin öhdəsinə düşür. Lakin ölkənin bütün əhalisi qarşısında belə mühüm öhdəlikləri olan qurumun hüquqları daim pozulur və əfsuslar olsun ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi pozuntuların qarşısını almaq istiqamətində heç bir iş görmür. Əslində, heç onun sözü də keçmir. Nazirlik isə, görünür, mərkəzin yaradılması ilə öz fəaliyyətini bitmiş hesab edir. Ölkənin 600-ə yaxın bələdiyyəsinə, yəni üçdə bir hissəsinə indiyə qədər torpaq haqqı verilməyibsə, bələdiyyələrin hansı fəaliyyətindən danışmaq olar. Əraziləri, sərhədləri onlara məlum deyil.
Bələdiyyələrin yaradılmasından 12 il keçib. Düşünürdük ki, nazirlik məsələni müvafiq qurumlar,  hətta hökumət qarşısında qaldıracaq və həll etməsə də, heç olmasa, ona aydınlıq gətirəcək.  Lakin məsələ ilə əlaqədar demək olar  ki,  heç  bir iş görülməyib.  Mill Məclisdə   2010-cu il üzrə illik məruzə müzakirə edilərkən qeyd olunmuşdu ki, bir şəhər bələdiyyəsinin, – adını çəkmirəm, – yerləşdiyi bina  dövlət əmlakıdır. Qanunvericiliyə görə bina bələdiyyənin    mülkiyyətinə verilə bilər.  Lakin çoxsaylı müraciətlərə baxmayaraq, məsələ nəinki həllini tapıb, heç bələdiyyəyə cavab verən yoxdur. Düşünürdük ki, nazirlik yüksək nüfuzundan istifadə edib məsələnin həllinə nail olacaqdır. Müzakirə zamanı bu barədə nazirliyə müraciət də olunmuşdu. Belə misalları çox gətirmək olar.
Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyəti ilə məşğul olan yeganə dövlət qurumu olsa da, yerli özünüidarəetmə orqanları səlahiyyətlərinə aid məsələlərin həllində onun köməyini görmür, rastlaşdığı problemlərlə təkbətək qalır. İllik məruzənin komitədə müzakirəsi zamanı deyildiyi kimi, nazirliyin bələdiyyələrlə bağlı əsas fəaliyyəti onları yoxlamaq və cəzalandırmaqla məhdudlaşır. Cəza alanların sayını ilbəil artırmağa çalışır, elə bil, bu sahədə sovet dövründə olduğu kimi, sosialist öhdəliyi götürmüşdür.
2007-ci ildə inzibati xəta haqqında protokollar əsasında 185 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir. Onların sayı 2008-ci ildə 303, 2009-cu ildə 539, 2010-cu ildə 409 olmuş və 2011-ci ildə 581-ə çatdırılmışdır. Vilayət müəllim də bir fərəh hissi ilə deyir ki, 22 faiz artıbdır. Bu, bələdiyyələrin üçdə bir hissəsindən çoxdur. Bütövlükdə son 5 il ərzində 2017 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir. Belə vəziyyət hamımızı düşünməyə vadar etməlidir.
Bələdiyyələr qanunvericiliklə səlahiyyətləri təsbit olunan, lakin real həyatda sözü keçməyən, hər bir məmur tərəfindən hüquqları pozulan quruma çevrilmək təhlükəsi qarşısındadır. Onun ünvanına səslənən yerli-yersiz tənqidlər cəmiyyətdə özünüidarə ideyasını nüfuzdan sala bilər.
Ədliyyə Nazirliyinin bələdiyyələrlə olan fəaliyyətini tənqid edərək, eyni zamanda, etiraf etməliyik ki, bu işlə bilavasitə məşğul olan Bələdiyyələrlə İş Mərkəzi həm statusuna, həm də say tərkibinə görə qarşıda duran vəzifələrin öhdəsindən gəlmək iqtidarında deyil. Avropanın əksər ölkələrində ya bilavasitə bu məqsəd üçün yaradılmış, ya da fəaliyyətinin əsas hissəsini bələdiyyələrlə iş təşkil edən nazirliklər mövcuddur. Bələdiyyələrin qarşısında duran mühüm vəzifələri nəzərə alaraq hesab edirik ki, Azərbaycanda bələdiyyələrlə iş üzrə xüsusi qurumun yaradılmasının vaxtı çatmışdır. Sonda üzümü Milli Məclis üzvlərinə tutaraq xahiş edirəm ki, müzakirə zamanı diqqəti bələdiyyələrin fəaliyyətinə yox, Ədliyyə Nazirliyinin yerli özünüidarəetmə orqanlarının işinin yaxşılaşdırılması probleminə yönəltsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Müzakirələr davam edir. 12 nəfər yazılıb. Əgər etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək. Yəni hamının çıxış eləmək imkanı olsun. Etiraz yoxdur? Səsə qoymağa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Davam edirik. Buyurun, Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Həm məruzənin mətnindən, həm də Vilayət müəllimin təqdimatından göründüyü kimi, məruzə kifayət qədər yığcam, keyfiyyətli, eyni zamanda, “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verə biləcək səviyyədə hazırlanıb. Bu tələblərə cavab verən bir sənəd kimi onun deputatlar tərəfindən qəbul edilməsi məqbuldur.
Ötən illərlə 2011-ci ilin nəticələrini müqayisə edəndə bu məruzələrdən bir neçə maraqlı məqamlar ortaya çıxır. Bunun biri ondan ibarətdir ki, bələdiyyə aktlarının sayı 2007-ci illə müqayisədə 2011-ci ildə 1,8 dəfə artıb. Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliyinin göstəricisi olaraq müsbət qiymətləndirilir. Eyni zamanda, başqa bir məqamı da qeyd eləmək istəyirəm. İnzibati məsuliyyətə cəlb olunan bələdiyyə sədrlərinin sayı da təqribən 2 dəfəyə yaxın artıb. Deməli, bu, fikirləşmək üçün zəngin material verən bir məsələdir.
2010-cu illə 2011-ci ilin göstəricisini müqayisə eləyəndə bələdiyyə aktlarının 20 faiz, inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrləri sayının isə 42 faiz artdığını görürük. Yəni 2 dəfədən çox artıb. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinin imitasiya modelindən, – alman modeli adlanır, – real bələdiyyə modelinə keçid üçün bir konsepsiya və proqram hazırlanmasına ehtiyac var. Bu, təqribən 2012–2020-ci illəri əhatə edən bir proqram ola bilər. Bu proqramda qarşıdakı 10 ildə həm bələdiyyələrin və onun fəaliyyətinə nəzarət edən orqanın fəaliyyətinin, həm də bələdiyyələrin yerli icra orqanı və onu seçən xalqla arasında münasibətlərinin necə olması, bu məsələləri tənzimləmək üçün hüquqi normativ aktlarda hansı dəyişikliklərin edilməsi, onların hansı istiqamətdə təkmilləşdirilməsi, bir də, gözlənilən nəticələr öz əksini tapmalıdır. Təhlil göstərir ki, problemlər, əsasən, iki istiqamətdədir.
Birincisi budur ki, bələdiyyə mülkiyyətində olan torpaqların satışında ciddi problem mövcuddur. Bu məsələni mən bir rəqəmlə izah eləmək istəyirəm. 8,6 milyon hektar torpağın 2 milyon hektarından çoxunu  bələdiyyəyə veriblər. Hər ay bələdiyyəyə verilən torpağın hər hektarından, çox demirəm, 10 manat qazanc konsepsiyası qurulsaydı, bələdiyyələrin büdcəsi indiki kimi 29 milyon yox, ondan 10–15 dəfə çox olardı.
İkinci problem isə odur ki, bilavasitə ölkə üzrə bələdiyyələrin büdcəsi 29 milyon manat olduğuna görə, adambaşına 3 manat 20 qəpik pul düşür. Elə 3 manat 20 qəpiklik bələdiyyənin fəaliyyət əmsalı bundan artıq ola bilməz. Ona görə də hesab edirəm ki, bu istiqamətdə köklü islahatların aparılması vacibdir. Əgər, sözün əsl mənasında, yerli problemlərin həllini sürətləndirmək istəyiriksə, bu istiqamətdə həqiqi bir proqramın hazırlanmasına, bələdiyyələrə kömək fondunun təsis edilməsinə böyük ehtiyac var. Bələdiyyələrin yerli icra orqanlarının təsirindən tədricən çıxarılması problemlərin həllinin sürətləndirilməsinə və onların fəaliyyətinə dəstək ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Ötən illər ərzində biz dəfələrlə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti ilə əlaqədar burada dinləmələr keçirmişik. Hər zaman da bələdiyyələrin fəaliyyətini ciddi tənqid eləmişik. Hörmətli Arif müəllim qeyd elədi ki, Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrə lazımi kömək eləyə bilmir. Əslində, bu mərkəzin fəaliyyəti bələdiyyələrin işinə nəzarət etməkdən ibarətdir. Bələdiyyələrin  Konstitusiya ilə, qanunla müəyyən olunmuş hüquqları var və onlar bu hüquqlardan istifadə eləməlidirlər.
Bələdiyyələrin fəaliyyətinə ən böyük kömək ölkədə qanunun aliliyini təmin eləməkdir. Bu gün bələdiyyələr icra hakimiyyəti orqanlarının şöbələri kimi fəaliyyət göstərirlər. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, bələdiyyələr yaradılandan sonra zaman-zaman yerli icra hakimiyyəti orqanlarının müəyyən strukturları ləğv edilməli, onların səlahiyyətləri yerli özünüidarə orqanlarına – bələdiyyələrə verilməlidir. Amma bələdiyyələr yaranandan sonra icra hakimiyyətlərində heç bir struktur islahatları aparılmadı, müvafiq şöbələr yaradılmadı. Bunlar paralel qurumlar kimi fəaliyyət göstərirlər. Hər zaman qeyd edilib ki, bələdiyyələrin büdcələri çox zəifdir. Vergi toplamaq xeyli çətindir, dövlət büdcəsindən isə onlara cüzi bir vəsait ayrılır.
Mən o fikirlə razıyam ki, ölkədə bu istiqamətdə köklü islahatlar aparmaq lazımdır. İlk növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalı və icra hakimiyyəti orqanlarının yerli özünüidarəetmə ilə əlaqədar əsas səlahiyyətləri onlara verilməlidir.
Gəlin, qardaş Türkiyə Respublikasında valilərlə bələdiyyələrin səlahiyyətlərinə baxaq. Valilər orada hansı problemləri həll edirlər? Onlar yalnız dövlət əhəmiyyətli məsələlərə müdaxilə edirlər, qalan bütün məsələləri bələdiyyələr həll eləyir. Bizdə isə vəziyyət tamam fərqlidir.
Bundan başqa, əgər burada söhbət bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağlı hesabatdan gedirsə, məncə, bu hesabatı Bələdiyyələrlə İş Mərkəzinin rəisi verməlidir. O, birbaşa bu nəzarət funksiyasını həyata keçirir və məlumatı da o verməlidir. 2009-cu ildə biz Konstitusiyaya əlavə və dəyişikliklər edəndən sonra bələdiyyələr özləri birbaşa Milli Məclisdə hesabat verirlər. Konstitusiyanın 146-cı maddəsinin IV hissəsində və Konstitusiyanın 95-ci maddəsinin 20-ci bəndində qeyd olunur ki, bələdiyyələrin hesabatlarının dinlənilməsi Milli Məclisin birbaşa səlahiyyətinə aid olan məsələdir. Əgər biz bələdiyyələrin özünün fəaliyyətini dinləyiriksə, onun fəaliyyətinə nəzarət edən orqanın hesabatının dinlənilməsi yalnız hökumətin tərkibində olmalıdır. Mən Arif müəllimin o fikri ilə razıyam ki, bələdiyyələrlə iş üzrə müvafiq nazirlik, yaxud hər hansısa bir dövlət qurumu yaradılmalıdır və o da Nazirlər Kabinetinin tərkibində olmalıdır. Belə olarsa, biz hökumətin hesabatı zamanı həmin orqanlarla işləyən müvafiq icra hakimiyyətinin hesabatını da paralel olaraq dinləyərik.
Burada deputat həmkarım Fazil Mustafa söylədi ki, təkliflər azdır. Mən isə hesab edirəm ki, Ədliyyə Nazirliyi mövcud vəziyyətin aradan qaldırılması üçün Nazirlər Kabinetinin üzvü kimi hökumət qarşısında məsələ qaldırmalı və qanunvericilik təşəbbüsü ilə çıxış eləməlidir. Yəni biz hökumətdən həm də bu tipli qanun layihələri gözləyirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, ölkəmiz 2001-ci ilin dekabr ayında “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşulub. 2011-ci ildə 10 il tamam olur. Bu müddət ərzində bələdiyyə təsisatının formalaşması üçün Azərbaycan dövləti və hökuməti tərəfindən müəyyən işlər görülüb. Bunu müsbət hal kimi qiymətləndirirəm. Bununla bərabər, qeyd edim ki, nədənsə hər il verilən hesabatlarda bizim verdiyimiz təkliflər nəzərə alınmır. Bayaq burada qeyd olundu, korrupsiya ilə əlaqədar 38 fakt prokurorluğa verilib, baxılır. Amma gəlin, görək bu korrupsiya hadisələrində bələdiyyələrin günahı daha çoxdur, yoxsa yerli icra hakimiyyəti orqanlarının. Heç bir bələdiyyə sədri yerli icra hakimiyyəti orqanının razılığı olmadan torpaq verə bilməz. Bu hamıya aydındır.
Vaxtın azlığını nəzərə alaraq bir neçə məsələ ilə bağlı təkliflərimi vermək istəyirəm. Burada bələdiyyələrin statusu qeyd olundu. Bələdiyyələrin statusu Konstitusiya və “Bələdiyyələrin statusu haqqında” Qanunla müəyyən olunur. Amma bu statusda qeyri-müəyyənlik çoxdur.  Adi bir misal gətirirəm. Arif müəllim də qeyd elədi, kommunal xidmətlərin təşkili, ərazilərin abadlaşdırılması, vətəndaşların uçot və qeydiyyatı, sosial xidmətlərin təşkili, su təchizatı birbaşa olaraq bələdiyyələrin işidir. Amma yerlərdə bu işlərlə məşğul olan icra hakimiyyəti orqanlarıdır. Yəni buradan da birbaşa asılılıq prinsipi həyata keçirilib. 10 ildən artıq vaxt keçdiyi üçün təklif edərdim ki, “Bələdiyyələrin statusu haqqında” Qanuna yenidən baxılsın, dəqiq səlahiyyətlər bölgüsü aparılsın və bələdiyyələrə Avropa Xartiyasının tələblərinə uyğun olaraq müstəsna səlahiyyətlər verilsin.
Ən ciddi məsələlərdən biri də bələdiyyələrin maliyyə problemidir. 2011-ci ildə bələdiyyələrin ümumi büdcə gəlirləri təxminən 30 milyon manata yaxın olub. Adambaşına təxminən 4 manata yaxın vəsait düşür.  Bu, əlbəttə, çox az məbləğdir. Biz 10-a yaxın vergini bələdiyyələrin ixtiyarına vermişik. Amma bu 30 milyon manatın 70 faizi 2 vergidən –torpağın özəlləşdirilməsi və icarəyə verilməsindən yığılıb. Qalan 8 vergidən cəmi 30 faiz gəlir əldə edirlər. Yəni yalnız Bakı, Sumqayıt, Gəncə şəhərlərində əmlak vergisi yığılır. Digər yerlərdə bu vergi yığılmır.
Biz 2011-ci ildə dövlət büdcəsindən 3,2 milyon manat transfert etmişik, 2012-ci ilə 5 milyon nəzərdə tutmuşuq. Bu da çox azdır. Ona görə təklif edirəm ki, ilk olaraq bələdiyyələrin minimal büdcə təminatı proqramı hazırlansın. Yəni bunun mexanizmini tətbiq etmək lazımdır. Fiziki şəxslərdən əmlak vergisi yığılmadığı üçün bunun mexanizmini daha da təkmilləşdirmək və qanunda müəyyən dəyişikliklər etmək lazımdır. Bayaq qeyd elədim ki, 2012-ci ilə büdcədən 5 milyon manat ayırmışıq. Bu, məqsədsiz transfertlərdir. Artıq vaxt gəlib çatıb ki, büdcədən məqsədli transfertlər ayıraq. Yolların çəkilməsi, tikinti, suyun çəkilməsi ilə əlaqədar olaraq büdcədən ayrılan vəsaiti bərabər bölüşdürməklə məqsədli etmək lazımdır.
Bələdiyyələrin əlverişli şəraitdə işləməsi üçün kredit məsələlərinə baxmaq lazımdır. Bələdiyyə bankları yaradılmalıdır və onlara müəyyən güzəştlər daxilində kredit verilməlidir. Ümumiyyətlə, bu məsələlərə elə yanaşmaq lazımdır ki, bələdiyyələr işlərində müəyyən dönüş yarada bilsinlər. Çünki görürük ki, ötən 12 il müddətində bələdiyyələr normal bir təsisata çevrilə bilməyiblər.
Burada inzibati yoxlamalarla əlaqədar danışıldı. Əlbəttə, inzibati yoxlamaları yalnız və yalnız prokurorluğa vermək, kimi isə tənqid etmək istiqamətində olmamalıdır. Daha çox hesabatlılığa diqqəti artırmaq lazımdır ki, burada problem yaranmasın. Bu gün bələdiyyələr lazım olmayan 4–5 orqana hesabat verirlər. “Bələdiyyələrin statusu haqqında” Qanunda isə bu öz əksini tapmayıb. Mən Arif müəllimin burada səsləndirdiyi təkliflərlə tamamilə razıyam. Ümumiyyətlə, “Bələdiyyələrin statusu haqqında” Qanuna baxılmalı, onların həm statusu, həm də maliyyə problemi həll olunmalıdır. Ümumi götürəndə mən bu hesabatı qəbul etməyin tərəfdarıyam. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hesab edirəm ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi yerli özünüidarənin nüfuzunun artmasına və yerli əhalinin hüquqlarının qorunmasına xidmət edir. Amma bu sahədəki hüquq pozuntularını təkcə inzibati yollarla aradan qaldırmaq da, məncə, doğru deyil. Demokratik idarəçilik qaydalarının pozulması, daimi komissiyaların işinin düzgün qurulmaması, seçicilər qarşısında hesabat verilməməsi və büdcə layihəsinin müzakirəsinə yerli əhalinin cəlb olunmaması kimi hallar daha çox maliyyə sıxıntısı ilə bağlıdır.
Hörmətli həmkarlarım da bu məsələyə toxundular. Bələdiyyələrlə işin doğru qurulması üçün, əslində, əyalət siyasətinin oturuşması kimi birgə konsepsiya ortaya qoyulmalıdır. Hesab edirəm ki, bələdiyyələrin işinin düzgün qurulması qeyri-neft sektorunun inkişafına da çox ciddi şəkildə stimul verər. Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə etmək çox mühüm məsələdir. Bu ona gətirib çıxarar ki, ölkəmiz keçən il üçün 8 milyard manat civarında olan idxal məhsullarının böyük bir hissəsini özü istehsal edə bilər. Yəni bələdiyyələrə kömək həm də investisiya xarakterli bir davranış olar. Ona görə biz bu məsələlərdə inzibatçılıqdan daha çox bələdiyyələrin inkişafı üçün xarakterik olan məsələləri nəzərə almalıyıq.
Bələdiyyədə çalışanların hüquqları ilə bağlı da müəyyən tədbirlər görülməlidir. Bələdiyyələrin əhali qarşısında hesabat verməsi üçün fəaliyyəti olmalıdır. Onların fəaliyyət göstərməsi üçün isə maliyyə imkanları lazımdır. Bu mənada mən də həmkarlarımın o fikrinə qoşuluram ki, bələdiyyələr üçün büdcədən nəzərdə tutulan transfert bir neçə dəfə artırılmalıdır. Yenə deyirəm, biz bu vəsaitin istiqamətini müəyyənləşdirməliyik. Elə etməliyik ki, bu həm investisiya xarakterli yatırım olsun, həm də bələdiyyələrin nüfuzunun artması üçün bir stimul versin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini diqqətlə nəzərdən keçirdim. Bu məruzədə bələdiyyələrin indiki vəziyyəti, sistemdəki çatışmazlıqlar, bələdiyyələrin fəaliyyətindəki mövcud problemlər dolğun və şəffaf şəkildə öz əksini tapmışdır.
Deyə bilərik ki, bələdiyyələr keçən müddət ərzində ölkənin ictimai və iqtisadi həyatında daha aktiv rol oynamağa başlayıblar. Bir çox bələdiyyələr yerləşdikləri ərazinin abadlaşdırılmasında, əhalinin, eləcə də öz ərazilərinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edirlər. Xüsusən kənd yerlərində kəndarası yolların çəkilməsində, park və istirahət yerlərinin abadlaşdırılmasında, məktəb və uşaq bağçalarının qismən təmir olunmasında, evi qəzalı vəziyyətdə olan imkansız vətəndaşlara tikinti materiallarının verilməsində bələdiyyələrin işi daha qabarıq şəkildə nəzərə çarpır. Əhali də getdikcə bu qurumun mövcudluğunu daha çox hiss etməyə başlayır.
Qeyd olunan müsbət hallarla yanaşı, problemlər və neqativ məqamlar da mövcuddur. İllik məruzədə bu məsələlər açıq-aydın şəkildə öz əksini tapmışdır. Bunlar seçicilərimizlə ünsiyyətimizdə də gündəlik qarşılaşdığımız problemlərdir. Söhbət ilk növbədə Torpaq fondundan səmərəli istifadə olunmamasından gedir. Məruzədən də göründüyü kimi, torpağın satışını və ya icarəyə verilməsini bələdiyyələr əksər hallarda qanunsuz şəkildə həyata keçirirlər. Torpaq fondundan səmərəli istifadə oluna bilməməsi ilk növbədə torpaqdan təyinata uyğun istifadə edilməməsindən, həmçinin sui-istifadə hallarının qarşısının vaxtında alınmamasından irəli gəlir.
İkinci növbədə isə qeyd etmək lazımdır ki, ümumiyyətlə, əhalimizdə torpaqla davranış mədəniyyəti yox dərəcəsindədir. Məsələn, elə hallar olur ki, vətəndaşlar bəzən digərinin və ya bələdiyyənin mülkiyyətində olan torpağı zəbt edirlər və onu heç bir şəkildə geri qaytarmaq istəmirlər. Düşünürəm ki, bunun ən əsas səbəbi belə halların cinayət qanunvericiliyi ilə sərt şəkildə cəzalandırılmamasıdır. Təsəvvür edin ki, yanaşı yaşayan qonşulardan biri balaca daxmada, digəri isə möhtəşəm, iki-üçmərtəbəli evdə yaşayır. Kasıb qonşunun ağlına gəlməz ki, varlı qonşunun evinə girib istifadə olunmayan boş otaqları zəbt etsin. Amma mülkiyyətdə olan digər torpaqları zəbt etmək cəmiyyətimizdə adi hala çevrilibdir. Düşünürəm ki, qanunvericilikdə bu istiqamətdə xeyli boşluqlar var. Ən yaxşı halda aylarla sürən məhkəmə iclaslarının ardından məhkəmə qərar çıxaracaq ki, zəbt olunmuş torpaq boşaldılsın. Lakin vəziyyət yenə də həmin şəkildə qalır. Məncə, belə əmələ görə ciddi cinayət məsuliyyəti nəzərdə tutulsa, heç kəs torpağı zorla zəbt etməyə cəsarət etməyəcək. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrində belə mübahisələr bəlkə də minlərcədir. Bir daha qeyd edirəm ki, bu cür münasibətləri tənzimləmək üçün torpağın zəbt edilməsinə görə cinayət məsuliyyətini sərtləşdirmək lazımdır.
Digər bir məsələ bələdiyyələrin özlərinin torpaqla davranışı ilə bağlıdır. Elə hallara rast gəlinir ki, bələdiyyələrin balansında torpaq olduğu halda onu əhaliyə vermir. Bələdiyyə sədri və ya üzvləri həmin torpaqdan şəxsi əmlak kimi istifadə edirlər. Ümumilikdə, əhali arasında bələdiyyələrə münasibət dəyişməlidir. Əhali dərk etməlidir ki, bələdiyyələrin büdcəsi, əsasən, yerli vergi və ödənişlərdən təşkil olunur, ona görə də bunu vaxtında və tam həcmdə həyata keçirməlidirlər. Təəssüflər olsun ki, bu, reallıqda heç də belə  deyil.
Digər tərəfdən, dövlət qurumları bələdiyyələrin müstəqilliyini sözdə yox, əməldə tanımalı, onlara daha böyük hörmətlə yanaşmalıdırlar. Amma bununla belə, inzibati nəzarət ciddi şəkildə həyata keçirilməlidir. Mən Arif Rəhimzadənin təklifinə dəstək vermək istərdim. Artıq bələdiyyələrlə iş üzrə ayrıca müstəqil qurumun yaradılması zəruridir. Məruzəni yüksək qiymətləndirirəm, amma yuxarıda göstərdiyim çatışmazlıqları və təklifləri nəzərə almağınızı xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdirəlayiq hesab edirəm. Hörmətli Vilayət müəllim öz çıxışında görülən işlər barəsində ətraflı şəkildə danışdı. Bələdiyyələrə hüquqi yardım göstərilməsi, onların fəaliyyətinin tənzimlənməsi, o cümlədən orada baş verən nöqsanların aradan qaldırılması ilə əlaqədar hərtərəfli məlumat verildi. Bunu təqdirəlayiq hesab edərək qəbul etmək olar.
Digər tərəfdən, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul olunub. Dünyanın heç bir ölkəsində belə hal yoxdur. Qanunlarımız bələdiyyənin fəaliyyəti və inkişafı üçün nəzərdə tutulan tam demokratik, ədalətli qanunlardır. Lakin hesab edirəm ki, bələdiyyənin fəaliyyətində müəyyən islahatların aparılmasına da ehtiyac duyulur.
Yerli özünüidarəetmə, yerli demokratiya Avropada yayılmış qədim sistemlərdən biridir. Təəssüflər olsun ki, biz müəyyən dövlətlərin təcrübələrinin öz bələdiyyələrimizin fəaliyyətinə tətbiqində bəzi çatışmazlıqlara yol veririk. İlk növbədə, mən hesab edirəm ki, növbəti bələdiyyə seçkilərinə qədər bu prosesdə prinsipial dəyişiklik olmalıdır.
Birinci növbədə, əhalinin ekvivalenti ilə götürsək, Azərbaycanda bələdiyyə üzvlərinin sayı dünyanın ən iri dövlətlərindəki bələdiyyələrin  üzvlərinin sayı qədərdir. Azərbaycanda bir şagirdə düşən müəllimin sayı Amerikadan 3 dəfə artıqdır. Bu hal bələdiyyə üzvlərinin sayında da  müşahidə edilir. Yasamal rayon bələdiyyəsinin 18 nəfər üzvü var. Bu rayondan Milli Məclisə 3 deputat seçilirsə, bələdiyyə üzvlüyünə 18 nəfər seçilir. Bələdiyyə nəinki əhalinin problemlərini, heç öz üzvlərinin problemlərini həll edə bilmir. Hesab edirəm, bu rəqəmlər qəti şəkildə azaldılmalıdır. 300 sakini olan kiçik bir kənddə 7 nəfər bələdiyyə üzvü var. Türkiyədə bunun gözəl nümunəsi mövcuddur. Bir muxtar seçirlər və bu məsələ həll edilir. Mən hesab edirəm ki, bizdə ən böyük şəhərlərdə 5 nəfər, ən kiçik yerlərdə isə bir nəfər arasında bölgü aparılmalıdır. Onda müəyyən problemləri həll edə bilərik.
İkincisi, bələdiyyə sədrləri bələdiyyə üzvləri tərəfindən deyil, orada yaşayan əhali tərəfindən seçilməlidir. Əhali tərəfindən seçilən bələdiyyə sədri əhali üçün çalışacaq. Əgər o, əhali tərəfindən seçilmirsə, təbii ki, bələdiyyə üzvlərindən asılı vəziyyətə düşəcək. Nəticədə onun işində müəyyən problemlər yaranacaq. Mən hesab edirəm ki, hər bir bələdiyyə sədri orada yaşayan əhalinin özü tərəfindən seçilməlidir və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır.
Üçüncü, biz bələdiyyələrə qanunla kifayət qədər səlahiyyət vermişik. Lakin digər qanun və sərəncamlarla bu səlahiyyətlərin bir hissəsi alınıb ayrı-ayrı strukturlara verilibdir. Vergilərin yığılması, icarə və sair məsələləri qeyd etmək olar. O səlahiyyətlər bələdiyyələrin özünə qaytarılmalıdır ki, onlar yerlərdə iş apara bilsinlər. Mən hesab edirəm ki, yeni qurum olmasına baxmayaraq, bələdiyyələrin indiyə qədər fəaliyyətləri pis deyil. Müəyyən struktur islahatları aparmaqla onların fəaliyyətini daha da yaxşılaşdırmaq olar. Onlar bu gün dövlətdən dotasiya alıb yaşamalı deyil, əksinə, dövlətin müəyyən işlərinə kömək etməlidirlər. Bunun üçün şərait yaradılmalıdır ki, bələdiyyələr vəsait əldə etsinlər və yolların, məktəblərin, müxtəlif yerlərin təmiri ilə məşğul olsunlar. Bu gün bələdiyyələr özlərinə məktəb, bağça açmalı və ayrı-ayrı istirahət mərkəzləri yaratmalıdırlar. Mən bu məruzəni təqdirəlayiq hesab edirəm və xahiş edirəm ki, onu səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Qalib Salahzadə.
Q.Salahzadə. Çox sağ olun, Ziyafət müəllim. Mən bələdiyyələrlə əlaqədar çıxışlara diqqətlə qulaq asdım. Birinci, qeyd etmək istəyirəm ki, Mehdi Səlimzadənin rəhbərlik etdiyi qurum bələdiyyələrə çox kömək edir. Mən həmkarım Arif Rəhimzadənin sözləri ilə həmrəy deyiləm. Bələdiyyə işini bildiyimə, 12 ildir, bu işlə məşğul olduğuma görə, mövcud problemləri çox gözəl bilirəm. “Bələdiyyələrlə İş Mərkəzi yaxşı iş aparmır” fikri ilə razı deyiləm.
Bələdiyyələrin ən böyük problemi onların kadastrının, xəritəsinin olmamasıdır. Xəritə olmadığı üçün Dövlət Neft Şirkəti ilə bunların arasında mübahisə əmələ gəlir. Mən burada deyirəm ki, Rövnəq müəllim tamamilə qanuni danışır, düz deyir. Qanunla bütün bu torpaqlar Dövlət Neft Şirkətinindir. Onların əlində xəritə var və deyirlər ki, bax, bu torpaqlar Dövlət Neft Şirkətinə məxsusdur. Ancaq bələdiyyələrin əlində xəritə yoxdur. Ona görə də nə torpaq görürsə, sərəncam verir və bu torpaqları öz malı hesab edir.
Məsələn, Maştağa kəndində yolla gedəndə görərsiniz ki, buruq həyətdədir. Bunun səbəbi nədir? Səbəb odur ki, bu torpaq bələdiyyəyə verilərkən bunların xəritəsi olmayıb. Maştağa kəndində olan torpaqların 25 faizini bələdiyyəyə veriblər. Yerdə qalan 75 faiz vergi vermir. Sənədləşdirmədə də böyük çətinliklər var.
Bələdiyyənin ən böyük problemlərindən biri sənədləşdirmə işi ilə bağlıdır. Cəmiyyətdə belə bir fikir yaradıblar ki, əgər bu, bələdiyyə sənədidirsə, düzgün deyil. Bələdiyyələr bu sahədə çox böyük çətinliklər çəkirlər. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, sənədi olmayan evlərlə bağlı xüsusi bir komissiya yaradılsın. Azərbaycanda, xüsusən Bakıətrafı kəndlərdə, Bakının özündə evlərin 70 faizinin sənədi yoxdur. Hamımızın qohum-əqrəbamız var və bilirik ki, bu sənədlər yoxdur. Ev tikilir, vətəndaş orada yaşayır, amma sənəd ala bilmir. Təklif edirəm ki, bu sənədsiz evlərin, torpaqların hamısını nəzarətdən keçirməkdən ötrü xüsusi bir komissiya yaradılsın. Onun fəaliyyəti də yalnız qeyri-qanuni tikilmiş evlərə sənəd verməkdən ibarət olsun.
Biz bələdiyyələrə kömək etməliyik. Yoxsa “bələdiyyənin bir belə büdcəsi var”, “bir belə büdcəsi olacaq” deməklə ona kömək etmək mümkün deyil. Mən illik məruzəni bəyənirəm və onu müdafiə edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyaq. Məruzə kifayət qədər müzakirə olundu, qeydlər edildi. Vilayət müəllim də, Mehdi müəllim də qeydlər aparırlar, yəqin, nəticə çıxaracaqlar.
Bütün çıxışlarda belə bir fikir hakim oldu ki, hesabat nəzərə alınsın. Ona görə xahiş edirəm, illik məruzəyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  103
Nəticə: Qəbul edildi

 Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. Gündəliyin növbəti məsələsi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa  əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Bu haqda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verəcək. Arif müəllim, buyurun.
A.Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. 2011-ci ilin payız sessiyasında Goranboy rayonunun Cinli Boluslu kəndinin adı dəyişdirildi, Boluslu oldu. “Cinli” sözü əhalini bir qədər əsəbiləşdirirdi. Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulur ki, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Goranboy rayonu” bölməsinin 23.8-ci sırasından hər iki halda “Cinli” sözü çıxarılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, ölkəmizdə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması ilə bağlı qanunvericiliyimizə bir sıra əlavələr və dəyişikliklər eləmişik. Burada kifayət qədər ciddi sanksiyalar müəyyənləşdirmişik. İndi İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik bir neçə ay bundan əvvəl yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar prosedur qaydanın, yəni protokolun tərtib olunması, cərimənin ödənilməsi, vətəndaş-məmur münasibətlərinin daha şəffaf həyata keçirilməsinin burada tətbiq olunmasıdır. Yəni eyni qaydadır və biz bunu “Yol hərəkəti haqqında” Qanunda cərimələrin tətbiqində müəyyənləşdirdik. İndi təklif olunur ki, ətraf mühitin mühafizəsi ilə bağlı inzibati xətalara yol veriləndə də münasibətlər bu şəkildə qurulsun. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir dəyişiklikdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələr (saat 16.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 4-cü və 5-ci məsələlər cənab Prezident tərəfindən bir zərfdə təqdim olunub, mahiyyət də eynidir. Burada söhbət istehlakçıların aldadılması ilə bağlı məsuliyyətin gücləndirilməsindən gedir. Həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər olunur. Cinayət Məcəlləsində istehlakçıları aldatmağa görə məsuliyyətlə bağlı müvafiq maddələr var. Təklif olunur ki, buradakı cərimə sanksiyaları daha da ciddiləşdirilsin. Hesab edirəm ki, bu, istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox mühüm bir sənəd və əhalinin, ümumiyyətlə, istehlakçıların hüquqlarının müdafiəsinə yönələn ciddi bir dəyişiklikdir. Bu, təbii ki, Cinayət Məcəlləsi ilə bağlıdır. Burada dispozisiyalar olduğu kimi qalır, sanksiyalar isə kifayət qədər ciddi şəkildə sərtləşdirilir.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsi də istehlakçıların aldadılması ilə bağlı bir sıra maddələri özündə ehtiva eləyir. “İstehlakçıları aldatma” adlı 231-ci maddədə təklif olunur ki, sanksiya bir qədər artırılsın, 500 manat 600 manatla, 1000 manat 3000 manatla əvəz olunsun.
Eyni zamanda, bura istehlakçının mal haqqında məlumat almaq hüquqlarının pozulmasını da inzibati xəta kimi ehtiva eləyən yeni bir maddə əlavə olunur. Hər bir istehlakçının mal, iş, xidmət haqqında məlumat almaq hüququ var. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda öz əksini tapıb. İndi isə  İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik olunur. Əgər vəzifəli şəxs və ya hüquqi şəxs istehlakçının məlumat almaq hüququnu pozarsa, cərimə ödəməli olacaq. Hesab edirəm ki, iqtisadiyyatımızın çox sürətlə inkişaf elədiyi, istehlakçıların hüquqlarının müdafiəsinin xüsusi önəm kəsb etdiyi bir dövrdə sanksiyaların bu şəkildə artırılması əhəmiyyətlidir. Təbii ki, sanksiyaların tətbiqi ilə bağlı məqamlar müvafiq icra hakimiyyəti və məhkəmə orqanları tərəfindən daha da dəqiqləşdiriləcək. Bu, məsələnin ikinci tərəfidir. Biz qanunverici orqan olaraq bu qanunu qəbul etməklə bu sahədə baş verən pozuntuların qarşısının alınmasında çox səmərəli iş görmüş olarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Qanun yaradıcılığı fəaliyyətimizdə bir tendensiya – cərimə cəzasının həddindən çox sərtləşdirilməsi, onun miqdarının olduqca artırılması açıq-aydın özünü göstərir. Bu həm inzibati qanunvericiliyə, həm də cinayət qanunvericiliyinə aiddir.
İndi baxın, hazırda mövcud olan qanunun 201.1-ci maddəsində, – onun dispozisiyasını oxumaq istəmirəm, – 100 manatdan 300 manatadək cərimə nəzərdə tutulmuşdu. Amma indi təklif olunur ki, 100 manat 3000 manat, 300 manat da 5000 manat olsun. Bu qədər yüksək cərimə hansı zərurətdən doğur? Bunu izah eləyən də yoxdur. Axı, biz Konstitusiyanın 96-cı maddəsinin VII bəndinə belə bir əlavə elədik ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların  qəbul edilməsinin məqsədləri göstərilməlidir. Məqsəd niyə göstərilmir? Niyə 100 manatdan 3000 manata qaldırılır? Bu, 30 dəfə artıq deməkdir.
Mən maraqlandım ki, görəsən bu maddə tətbiq olunur, yoxsa yox? Demək olar ki, məhkəmə təcrübəsi sıfırdır. Hamıya aydındır ki, cəzanın səmərəliyi onun sərtliyi ilə deyil, labüdlüyü ilə müəyyən olunur. İndi bu saat bu maddə tətbiq olunmur. Biz isə əlavə olaraq bunu 100 manatdan 3000 manata qaldırırıq. Mənə elə gəlir ki, bu düzgün deyil.
Digər tərəfdən, mənşə etibarilə cərimə cəzası azadlıqdan məhrumetmə yerlərinin tikilməsi üçün maliyyə mənbəyi kimi yaranıb.  Biz bu cəzaya elə-belə baxa bilmərik. Mən elə hesab edirəm ki, bütün cəza növləri, o cümlədən cərimə cəzası konkret məqsədlərə uyğun olaraq qiymətləndirilməlidir. Cəzanın bu dərəcədə artırılması düzgün deyil. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Təqdim olunan hər iki əlavə və düzəliş, doğrudan da, vacibdir. Bu gün Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi çox zəruri məsələdir. Çünki bəşəriyyətin ən gözəl neməti olan insan həmin o istehlakçıdır və onun hüquqları qorunmalıdır. Biz toylarda, tədbirlərdə kütləvi zəhərlənmə hallarının baş verməsinin şahidi oluruq. İnsanlar vaxtı keçmiş ərzaq məhsullarının satılması nəticəsində bu və ya digər xəstəliklərə məruz qalırlar. O cümlədən əlavə eləmək istəyirəm ki, üstündə ayrı-ayrı təşkilatların adının yazılmasına baxmayaraq, həm vaxtı keçmiş, həm də düzgün olmayan dərmanların bu gün Azərbaycan bazarına ayaq açması və apteklərdə satılması çox ciddi məsələdir və bilavasitə istehlakçılarla bağlıdır. Onlar tam sağalmaq istəyirlər, amma dərmanı atandan sonra əlavə olaraq bir az da xəstələnirlər.
Biz bilirik ki, çox yerlərdə bəzi insanlar evinin birinci mərtəbəsinin pəncərəsini qapı eləyib özü üçün mağaza düzəldir. Ancaq ərzaq məhsullarının satışının müəyyən standartları olmalıdır. Bunlar satılmaq üçün sabunla çörəyi yanaşı qoyur, o biri ilə bu birini yanaşı qoyur. Bir dükanda hər şey almaq olur. Aydındır, böyük supermarketlərdə  hər məhsulun öz sahəsi var. Amma 16–20 kvadratmetrlik bir yerdə bunları yanaşı qoyub satırsa və əhali də bundan istifadə edirsə və nəticədə sağlamlığına zərər dəyirsə, hesab edirəm ki, həmin insanlara cəriməni bir az da artırmaq lazımdır. Dünyanın hər yerində belə bir şey var. Biz istəyirik ki, cərimənin artırılması ilə bu insanı azadlıqdan məhrum etməyək. Onu ilkin dövrdə maddi cəhətdən cəzalandırırıq. Sonra bu yolu yenə də davam etdirirsə, növbəti dəfə artıq onun azadlıqdan məhrum olunması prosesi baş verə bilər. Mən hesab edirəm ki, bu çox zəruri bir məsələdir.
Mənim dostum, hörmətli Novruz müəllimin bir yaxşı sözü var. Deyir, pomidoru vururam divara, üstümə qayıdır, elə bil, topdur. Pomidor yerə düşəndə əzilməlidir, amma top kimi adamın üzərinə qayıdır. İnsanları bu cür zəhərləyirlər, bunun qarşısı alınmalıdır. Azərbaycanda xəstəliklərin əksəriyyətinin yaranma səbəblərinin mənbəyi məhz vaxtı keçmiş ərzaq məhsullarının insanlara satılmasıdır. Mənim aldığım məlumata görə, xüsusilə suları, içkiləri, vaxtının qurtarmasına 15 gün qalmış ucuz qiymətə xaricdən alıb Azərbaycana gətirirlər, etiketini, üzərində yazılmış rəqəmləri dəyişməklə, – kompüter sistemində bunu eləmək asandır, – vətəndaşlara satırlar, insanların orqanizminə zəhərli maddələr yeridirlər.
Digər əşyalarla da bağlı öz fikrimi söyləmək istəyirəm. Məsələn, 2000 dollara kostyum satır, yoxlayırsan, Çindən 30 dollara alıb gətirib. Brend mal adı altında ayaqqabı, kostyum, çanta və sair satırlar. Adı brenddir, heç kəs yoxlamır ki, elədir, ya yox. İçərisini yoxlayırsan, görürsən, Çində və yaxud başqa yerdə istehsal olunub. Mağazada olan malların ümumilikdə dəyəri 2000 deyil, bunlar birini 2000, 3000-ə satırlar. Azərbaycan vətəndaşını aldatmaqla özlərinin şəxsi vəsaitlərini artırırlar. Hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün ciddi addımlar atılmalıdır.
Müvafiq strukturlar da bu cərimələrin artmasından öz ciblərini doldurmaq üçün istifadə etməməlidirlər. Bu cərimələr dövlət büdcəsinə daxil olmalı, oradan da  zərər çəkmiş şəxsə və yaxud digər sahələrə yönəldilməlidir. Tutaq ki, əgər biz cəriməni 3000, ya da 5000 manat eləyiriksə, oraya gedən hər hansı bir müfəttiş gəlib danışıq aparırsa, ara düzəltməklə məşğul olursa, məsələni həll eləmək üçün məbləğin yarısını tələb edirsə, biz bununla problemi həll edə bilməyəcəyik. Ona görə də həmin vəsait tutulmalı və dövlət büdcəsinə yönəldilməlidir. Əgər bu addımı düzgün həyata keçirə bilsək, onda istehlakçıların hüquqlarını tam şəkildə müdafiə etmiş olarıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli sədarət, fikrimizcə, dəyişikliklər çox aktual məsələyə həsr olunub. Həm istehlakçıların aldadılması, həm də məhsulların keyfiyyətinin aşağı salınması istiqamətində xeyli problemlər var. Bunun qarşısı alınmadığı üçün həmin qruplar Azərbaycanı keyfiyyətsiz və öz etiketinə uyğun olmayan malların satışı poliqonuna çevirirlər. Buna görə də sanksiyaların gücləndirilməsi, sərtləşdirilməsi istiqamətində addımların atılmasını müsbət qiymətləndirməklə yanaşı, birinci, bu məsələyə kompleks yanaşılmasını təklif edirik.
İkincisi, təklif edirəm, elə bir mexanizm işlənib hazırlansın ki, bu sanksiyalar istehlakçıların aldadılmasının qarşısının alınmasına bilavasitə xidmət eləsin. Ona görə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və digər məcəllələrdə bu sanksiyalar sərtləşdikcə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna da müvafiq dəyişikliklərin edilməsini zəruri hesab edirik. Sadəcə, həmin sənəddə göstərilən formada istehlakçıların aldadılması ilə yanaşı, keyfiyyət məsələsində də istehlakçıların aldadılması hallarına diqqətin artırılmasını vacib sayırıq. Bir də təkrar edirəm ki, Azərbaycanı keyfiyyətsiz malların satış poliqonuna çevirirlər.
Üçüncü, Ziyafət müəllim, biz bu sanksiyaları 100 manatdan 300 manata, 3000 manatdan 5000 manata qaldırırıq. Kifayət qədər yüksəkdir. İndi mən başqa maraqlı rəqəmləri deyəcəyəm. Həmin keyfiyyətsiz malları gətirənlər qiyməti bir faiz qaldıranda 150 milyon manat pul qazanırlar. 150 milyon manat nədir? Müqayisə üçün qeyd eləyək ki, Gəncə şəhərinin builki gəliri 25 milyon manat, Sumqayıtın 63 milyon manat, Şəkinin 12 milyon manat olacaq. Bu rəqəm respublika tabeliyində olan 8 şəhərin 2012-ci ildəki gəlirindən çoxdur. Onların gəliri 142 milyon manatdır. Deməli, qiymətləri bir faiz artırmaqla bunlar 150 milyon qazanırlar. Onun da 5000 manatını həmin sanksiyaya verəcəklər. Ona görə təklif edirik ki, inflyasiya hesablanan zaman bu məqam nəzərə alınsın.
Bazar iqtisadiyyatının tərəfdarıyıq. Bir var, bazar iqtisadiyyatı, bir də var, bazar. Dövlətin başçısı hər hansı bir tədbirdə gələn ay əmək haqlarını artıracağı barədə məlumat verəndən sonra hələ o pul gəlib istehlakçının cibinə çatmamış həmin işbazlar səhəri gün qiyməti qaldırırlar. Bu artıq bazar iqtisadiyyatı deyil, bazardır, çünki bazar iqtisadiyyatında qiymət yalnız tədiyyə qabiliyyətli tələb nəticəsində qalxa bilər. Tədiyyə qabiliyyətli tələb hələ yoxdursa, bu insanların maaşları hələ gələn aydan artacaqsa, indidən o qiymətlərin artırılması onlara böyük zərbə vurur. Bu da istehlakçıların aldadılmasının bir formasıdır. Hesab edirəm ki, bu insanları da lap yüksək səviyyədə cəzalandırmaq lazımdır ki, xalqın cibinə girməyə son qoysunlar.
Azərbaycanda 8 faiz inflyasiya var. 0,1 faiz artım olan yerdə 8 faiz təbii inflyasiya ola bilməz, Ziyafət müəllim. Olsa-olsa, bizim iqtisadiyyatımızdan doğan inflyasiya 1 faiz və ondan bir az çoxdur. Olsa-olsa, xaricdən gələn malların üzərindəki inflyasiya 2–2,5  faizdən artıq deyil. Bəs yerdə qalan haradan alındı? Süni inflyasiyadır. Hər faizin arxasında 150 milyon duranda azı 600 milyon olur. Amma bu 8 faiz inflyasiya 500-dən artıq məhsul üzrə hesablanır. 80, 100 manat maaş alan 500 adda məhsul ala bilməz. Deməli, 50 məhsul üzrə inflyasiyanı ölçəndə artıq 8 faiz deyil, 10–12 faiz olur. Burada isə süni inflyasiyanın faizi daha çox olmaqla hesab edirəm ki, istehlakçılar çox insafsızcasına aldadılırlar. Ona görə də bu məsələni zəruri hesab edir və sanksiyaların sərtləşdirilməsini bilavasitə istehlakçıların hüquqlarının müdafiəsinə yönəldilməsi mexanizminin tapılması şərti ilə dəstəkləyirik. Eyni zamanda, bu məsələyə kompleks yanaşmaqla xalqın digər formalarda aldadılmasına qarşı sərt sanksiyaların tətbiq edilməsinin tərəfdarı kimi də çıxış edirik. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, gözəl izahat verdiniz. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Mən də bu dəyişiklikləri zəruri hesab edirəm və müsbət qiymətləndirirəm. Amma İlyas müəllimin səsləndirdiyi fikirlərlə razıyam ki, əgər istehlakçının mənafeyini düşünürüksə, başqa bir yol tapmalıyıq. Faktiki olaraq məhkəmə təcrübəsi və vətəndaşın istehsalçıya təsir etmək imkanı yoxdur. Açıq etiraf etməliyik, ölkədə inhisarçılığın səviyyəsi odur ki, kim nə istəsə, istehsal edə bilər. Azad rəqabət yetərli deyil və heç kim də buna görə məsuliyyət daşımır. Ancaq vergi orqanlarından qorxurlar. Onlarla məsələni çözəndən sonra bilirlər ki, digər orqanların istehsalçıya təsir etmək imkanı yoxdur.
Bayaq bələdiyyələrdən danışırdıq. Hansı bələdiyyə şadlıq evindən vəsait yığa bilər? Hərənin arxasında bir imkanlı şəxs duranda bu məsələlər çox mürəkkəbləşir. Biz alt səviyyədə istehsalçını qorumaq istəyiriksə, məncə, burada cərimələri bu səviyyədə yox, daha az götürə bilərik. Amma qeyd edə bilərik ki, dəymiş ziyanın ödənilməsi şərti ilə. Əgər burada istehlakçını dağa-daşa salmadan məhkəməyə müraciət etməsini düşünürüksə, bu belə olmalıdır, çünki onun marağı olmasa, müraciət etməyəcək. Deyəcək ki, onsuz da orada cərimə var, bunlar sövdələşib həmin pulu alacaqlar, mənə nə faydası var? Ona görə də istehlakçının məhkəmədə öz haqqını sübut etməsini stimullaşdırmaq lazımdır. Belə olanda artıq o, maraqlı olacaq və çalışacaq ki, dəymiş ziyanın ödənilməsini öz xeyrinə həll edə bilsin. Məncə, bu yolu izləsək, daha uyğun bir nəticə əldə edə bilərik.
Ümumiyyətlə, mən bu dəyişikliyi müsbət hesab edirəm. Düşünürəm ki, dediyim məsələlər də həllini tapsa, bu qanunun işlək bir mexanizmi ola biləcəkdir. Açığı, sizə deyim, Azərbaycanda istehlak mədəniyyəti də istehsal mədəniyyəti qədər aşağıdır. Çox zaman insanlar bu hüququ tələb edə bilmirlər.
Digər bir vacib məsələ budur ki, istehlakçıya məlumatın verilməməsi məsələsi bir az açılmalıdır. Hərə əlində bir telefon, ya da diktofon gəzdirib xəfiyyə kimi yazmamalıdır ki,  mən səndən xahiş etdim, bu mal haqqında məlumat ver, sən vermədin. Ya xüsusi blanklar müəyyən olunmalıdır, ya da istehlakçı yazılı bir mətn təqdim etmək imkanına sahib olmalıdır ki, o məlumat verilmədikdə rahatlıqla məhkəməyə müraciət edə bilsin. Yoxsa burada sübut etmək vəzifəsi kimin üzərinə düşəcək, bəlli olmur. O olmasa, insanlar qorxudan müraciət etməyəcəklər. Deyəcəklər ki, mən  orada nəyi sübut edə biləcəyəm? Bu baxımdan burada məlumatın verilməsi məsələsinin də dəqiq proseduru müəyyən olunmalıdır ki, bu, işlək bir mexanizmə çevrilə bilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun.  Zahid Oruc.
Z.Oruc. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən birinci növbədə “istehlakçı” sözünə xüsusi toxunmaq istəyirəm. Mənə elə gəlir, bu sözü demək artıqdır ki, ölkədə hamı istehlakçıdır. Ona görə əhali, xalq “istehlakçı” sözü ilə sinonim mənanı daşıyır. Bu hamının haqqını, müdafiəsini təşkil edən bir qanundur.
İkincisi, bəlli olduğu kimi, əvvəlki sanksiyalar 2000-ci illərdə müəyyənləşdirilibdir. Həmin rəqəmlər o dövr üçün normal görünə bilərdi, amma indiki iqtisadi şəraitdə bu rəqəmlər gərək əlahiddə görünməsin. 
Üçüncüsü, burada meyar insanın sağlamlığıdır. Biz, məsələn, ağacın qorunması üçün ekoloji tədbirlər sırasında sanksiya rejimini 2–3 min manata qaldırmışıq, amma insanın qiymətini cəmi 500 manatla ölçmək istəyirik. Yəni kiminsə haqqı var, bir jurnalist araşdırması ilə desin ki, mən bu işi bəri başdan bilə-bilə, zay istehsal etdiyim məhsulla zəhərləməyə görə cəmi 500 manat ziyanı göz altına alaraq edirəm. Ona görə mənim aləmimdə bu insanın cərimə sanksiyasının qiyməti elə insanın qiyməti kimidir.
Bu məsələ, sadəcə, bir özəl təsərrüfat sahibinin qərarı ilə baş vermir. Dünyada ərzaq üzərində qurulmuş imperiyalar var. Niyə? Çünki burada gündəlik dövriyyə milyardlarla dollardır. Bunu həmin böyük aləmdə dövr etdirənlər də onu ən ucuz, ən asan başa gələn və sair variantların üzərində qururlar. Dünən Azərbaycan telekanallarında bölgələrdə pomidor turşusundan zəhərlənmiş iki ailənin həyatını göstərirdilər. Ekranlar, bir az da müharibə reallığı bizi buna öyrəşdirib. Bizim üçün insanın qiyməti, doğrudan, ucuzlaşıb. Nə fərqi var ki, bu səngərdə düşmən gülləsindən ölür, yoxsa pomidor turşusundan? Əksinə, səngərdə, heç olmasa, mənafelərimizin qorunmasında, təhlükəsizliyimizdə iştirak edən bir adamdır və orada daha böyük hörmətə malikdir. Sadəcə, ev şəraitində bu adam yıxılıb ölür.  Bunun cəzası necə verilməlidir? Dövlət bunu qorumalıdır.
Hörmətli həmkarım Fazil bəyin mövqeyinə dəyər verirəm, ancaq o qeyd edir ki, bizdə istehlak mədəniyyəti aşağıdır. Necə olsun? Gəlin yuxarı edək. Siyavuş Novruzov qardaşımız, dostumuz  deyir ki, zay məhsulu gətirib brend adı ilə satırsınız, sonra da istehsal, ərzaq məhsulları üzərində  monopoliya var deyirsiniz. Bu həm də inhisarçılara qarşı mübarizədir də. Qoy onu məhkəməyə versinlər, bir az çək-çevir olsun. Oradan da  əldə olunacaq vəsait, heç olmasa, zəhərlənmiş adamın həyatını qaytarmağa kömək edər. Mən bunu mənafelərimizin qorunmasına, ərzaq təhlükəsizliyinin təminatına xidmət edən qanun hesab edirəm. Fikir mübadiləsindən də görünür ki, bu məsələ hamını qayğılandırır. Cərimə sanksiyaları ilə paralel şəkildə baxmaq lazımdır, Avropa təcrübəsini öyrənmək lazımdır. Baxmaq lazımdır ki, bu cür zay məhsulları istehsal edən, iqtisadiyyatla, sahibkarlıq fəaliyyəti ilə məşğul olanın ən nazik, ən zəif yeri nədir? O deyir ki, bunu 1 il həbsxanaya atacağam. Ona da razıdır, təki onun milyonuna toxunmasınlar. Bunun zəif yeri istehsal işinin davam etməməsidir. Bəlkə 6 ay və ya 1 il müddətinə məhz o cür məhsul istehsal etmək hüququnu məhdudlaşdırmaq lazımdır. Kimsə deyəcək, bu, konstitusion hüquqların  yasaq edilməsi və sairdir, ancaq dünyada bunun nümunələri var. Bir daha  təkrar edirəm ki, ərzaq məsələsi, sadəcə, qida, geyim məsələsi deyil. Bu, insanın fundamental haqları məsələsidir. Mən bu qanun layihəsinin tərəfindəyəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun.  İlham Əliyev.
İ.Əliyev. Çox sağ olun. Məndən qabaq çıxış edən deputat həmkarlarımın fikirləri ilə razıyam. Əlbəttə, müəyyən fikirlər üst-üstə düşsə də, fikir ayrılığı da var. Mən də bu dəyişikliyin tərəfdarıyam.
Bilirsiniz ki, bizim cəmiyyətdə istehsalla məşğul olmaq çox çətin işdir. Alış-verişlə istehsalı bir tutmaq olmaz. Alış-veriş belədir ki, hazır məhsulu alırsan və onun satışı ilə məşğul olursan. İstehsal həddindən artıq ağır prosesdir. Əfsuslar olsun, insanlarımız bəzən elə hesab edirlər ki, onların istehsal etdiyi yeyinti məhsulunu balası, ailə üzvləri yox, ancaq  gəlib ondan alan adam yeyəcək. Halbuki heç kim əmin deyil ki, onun istehsal etdiyi məhsullardan öz balası, ailə üzvü və yaxud da ən yaxın qohumu istifadə etməyəcək.
Mən hesab edirəm ki, mütləq olaraq dünya praktikasında olduğu kimi, bizdə də cərimələr çox yüksək olmalıdır.  Bayaq burada qeyd olundu, indi də cərimələrdə danışığa gedəcəklər ki, müəyyən hissəsini ver. Sizi inandırım ki, əgər danışığa gedib 7 minin yarısını alsalar belə, bunun özü də kiçik bir mağaza üçün çox böyük məbləğdir. İnanmaq istərdim ki, bu olmayacaq. Mən çox istərdim ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırıq verilsin ki, yoxlamalar daha da ciddiləşdirilsin.
Bayaq kənardan gələn malların keyfiyyətsiz olmasına toxundular. Bəzən mallar keyfiyyətli gəlir, amma onlar dükanlarda, marketlərdə, anbarlarda istifadə müddətini itirirlər. Bu gün ən ciddi problem odur ki, heç bir mağaza sahibi, satıcı mağazada satılan malın müddətinin bitməsinin mahiyyətinə varmır. Şəxsən mən dükandan mal alanda mütləq onun tarixinə baxıram. Bu çox ciddi məsələdir. Bizdə bu məsələlərlə məşğul olan komitə var, o, yoxlamaları ciddiləşdirməlidir. Xarab olan mallar satışdan yığışdırılmalıdır. Onların tam ixtiyarı var ki, istehsalçıları yoxlasınlar və aşağı keyfiyyətli malların istehsalının qarşısını alsınlar. Yüksək cərimələr də bunun üçün qoyulur. Bizdə qorxu yoxdur. İnsanlarımız qanunun qarşısında qorxusuzdurlar. Rus demişkən, “законoпослушный” deyilik. Əgər qorxu olsa və əmin olsa ki, mağazasında  müddəti ötmüş bir məhsulu tapsalar, 7–9 min cərimə verəcək, bunu etməz. Yaxud satıcılarına tapşırar ki, o malların tarixinə baxın. Hesab edirəm ki, bu, çox düzgün dəyişiklikdir, cərimələr yüksək olmalıdır. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun, İlham müəllim. Qənirə Paşayeva. Deyəsən, camaat yenidən yazılmağa başlayıb. Fikir aydındır da, bunu uzatmağın nə mənası var ki? Buyurun, Qənirə xanım.
Q.Paşayeva. Mənə elə gəlir ki, zamanımız var. Əslində, müzakirə etsək, yaxşı olar, çünki bu çox vacib məsələdir. Mənim hörmətli həmkarım  və çox dəyər verdiyim Əli müəllim, təbii ki, bu çıxışlardan sonra deyə bilər ki, sizin qaldırdığınız məsələlər bu qanuna edilən dəyişikliyin predmeti deyil. Amma sırf dəyişikliklə bağlı yaranan problemdən daha çox məni də, həmkarlarımın bir çoxunu da narahat edən bir məqam var. Əvvəl də bu maddə var idi, biz indi ona dəyişikliklər edirik, cərimələrin miqdarını artırırıq. Kiçik dəyişikliklər edirik.
Narahatlığımız ondan ibarətdir ki, indiyə qədər bu qanunun maddəsi nə dərəcədə işləyə bilib. Həmkarlarımın bir hissəsini narahat edən məqam ondan ibarətdir ki, bu cərimələri artırandan sonra bu işləyəcəkmi? Bundan əvvəl 500, 1000 manat idi. İndi 3 min manat etsək, nə qədər işləyəcək? Bu baxımdan narahatçılıqlar var.
Mən cərimələrin artırılmasının əleyhinə deyiləm. Təbii ki, istehlakçının hüquqları qorunmalıdır. Amma bu cərimələr müəyyən qurumların daha çox pul qazanmasına xidmət etməməlidir.
Bəzi həmkarlarım dedilər ki, məhkəmənin, demək olar, təcrübəsi yoxdur. Əgər məhkəmə təcrübəsi yoxdursa, bu o deməkdir ki, maddənin özünün işləməsi ilə bağlı çox ciddi bir problem var. Məsələn, məni çox maraqlandırır ki, cərimələr 500, 1000 manat olanda dövlət büdcəsinə nə qədər vəsait gəlib? Kim bu suala cavab verə bilər?
Hamımız burada danışırıq ki, bəli, mal satışında da, xidmət məsələlərində də ciddi problemlər var. Bunu hamımız bilirik. Əli müəllim vurğuladı ki, Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirirlər. Bəli, restoran sektorunda da, malların satışı məsələsində də bu var. Hörmətli həmkarım Siyavuş müəllim çox gözəl dedi ki, bu gün Avropa adı ilə satılan malların əksəriyyəti Çin istehsalıdır. İnsanlara yüksək qiymətlərlə, yalan, saxta yollarla satılır. Amma biz istəyirik, bunu satanları cəzalandıraq. Yaxşı, cəzalandırdıq, bəs buna nəzarət edənlər necə olsunlar? Niyə buna yaxşı nəzarət etmirlər? Axı, buna nəzarət etməli olan qurumlar var. Dövlət bu qurumları istehlakçının hüquqlarını qorumaq üçün yaradıb. Bu qanunlar nəyə görə qəbul olunur? Cərimələri artırdıq, nəyi isə qəbul etdik – bunlar həyata keçməlidir. O qurumlar bu qanuna nə qədər əməl edirlər? Məsələ bundan ibarətdir.
Mən hesab edirəm ki, bu gün cərimələrin artması o demək deyil ki, sabah hər şeydə dönüş olacaq. Cərimələrin artması ilə bərabər, bu qanunu həyata keçirəcək qurumların öz vəzifələrini daha geniş şəkildə dərk etməsi vacibdir və onlar çox ciddi şəkildə bu məsələnin üzərinə düşməlidirlər. Bu qədər zəhərlənmələr olur. Buna görə nə qədər restoran bağlanıb? Mən şəxsən eşitməmişəm.
Siyavuş müəllimin də vurğuladığı kimi, cərimələrin artması kimlərinsə daha yaxşı alver edə bilməsi predmetinə çevrilsə, o zaman bu, istehlakçının hüquqlarına heç bir xidmət etməyəcək. Narahatçılıq ondan ibarətdir ki, bu dəyişikliklər istehlakçının hüquqlarına xidmət etsin. Bu gün özümüz də şahid oluruq ki, təkcə mal satmaq məsələsində deyil, xidmət sektorunda da çox ciddi problemlər var.
Təbii ki, danışdığımız məsələlər birbaşa bu dəyişikliyin predmeti deyil. Amma biz parlamentdə bu qanunları, sadəcə, ona görə qəbul etmirik ki, vətəndaşların gözünə yaxşı görünək. Deyək ki, baxın, görürsünüz, biz sizin hüquqlarınızı qorumaq üçün cərimələri 3–4 dəfə artırırıq. Biz bu qanunların necə həyata keçirilməsini də müvafiq qurumların qarşısında ciddi şəkildə qaldırmalıyıq. Bu qurumlar başa düşməlidirlər ki, cərimələri, sadəcə, kağız üzərində qalmaq üçün artırmırlar. Ona görə artırırlar ki, doğrudan da, vətəndaşın, istehlakçının hüquqları qorunsun. Mən hesab edirəm ki, bu istiqamətdə müvafiq təşkilatlar öz üzərlərinə düşən vəzifələri daha ciddi şəkildə həyata keçirməlidirlər. Bu çox ciddi problemləri olan sahələrdən biridir. Mən bu dəyişikliyi dəstəkləməklə yanaşı, o təşkilatları da bu qanunun həyata keçirilməsində daha ciddi rol oynamağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun.  Ərəstun müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Cavadov.  Hörmətli Ziyafət müəllim, mən bu çıxışlara qulaq asıram, onların bəziləri əsaslı, bəzilər isə əsassızdır. Mən, məsələn, hörmətli həmkarım İlyas müəllimin çıxışını əsaslı, hörmətli Əli müəllimin çıxışını isə əsassız sayıram. Bu gün Azərbaycanda hər 5 nəfərdən 3-ü satıcıdır. Artıq istehlakçı yoxdur. Hamı alır, hamı satır. Ona görə də istehlakçının hüququnu qorumaqdan heç söhbət də gedə bilməz. Əgər sizin yadınızdadırsa, sovet dövründə “сверхнормативные остатки”  deyilən bir məfhum var idi. Yəni hansı mağazada 1 manatlıq  mal artıq gələrdisə, o, məsuliyyət daşıyardı. Bu gün isə yerindən duran əlinə bir zənbil  götürüb nə aldığını, nə də satdığını bilir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında manat dövriyyədən çıxır, geri qayıtmır. Evlərdə, anbarlarda yatır, çünki bununla peşəkar insanlar məşğul olmurlar.
Bir də, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün hər bir evin altı, qapının ağzı mağazadır. Bunların da hərəsində bir satıcı çalışır. Bir adam soruşmur ki, bala, sən bu satıcılığı haradan öyrənmisən, sən bu peşən bilirsənmi? Belə bir adamı cərimələməyin nə xeyri var? Əgər onun evi yoxdursa, kirayədə olduğu evin qarşısında dükan açıb bir neçə məhsul satırsa, sabah o, 5 min manat cəriməni haradan verəcək? Onun heç bir əmlakı da yoxdur. Sabah dükanı bağlayıb Rusiyaya gedəcək, illərlə geri qayıtmayacaq. Ona görə də bu məsələnin kökünü axtarmaq lazımdır. Bu qədər ticarət bölməsinin yaranmasına imkan vermək lazım deyil. İşləyənlərin də, heç olmasa,  kurs təhsili olmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Vaxtınızı çox almaq istəmirəm, yalnız məsələyə bir balaca aydınlıq gətirmək istəyirəm. Mən bu cərimələrin qaldırılmasının tərəfdarıyam. Əlbəttə, gözləniləndən daha yüksəkdir, onu bir qədər aşağı salmaq olardı. Konkret olaraq 5 və 7 min yox, 2 və 3 min cərimə olunmalıdır. Sözsüz ki, maraqlı tərəflər bir-biri ilə söhbət apara bilərlər. Keyfiyyət məsələsi keçmişdə olduğu kimi, indi də var. Xaricdən gələn mallara da, daxildə istehsal olunan məhsullara da keyfiyyət sertifikatı verilir. Ərzaq, kənd təsərrüfatı məhsullarıdırsa, Səhiyyə Nazirliyinin nəzdində belə bir qurum var. Hər rayonda, hətta bazarlarda da hər gün məhsulları analiz edəndən sonra keyfiyyət sertifikatı verirlər.
İkinci, ət məhsulları ilə bağlı baytarlıq təşkilatı var. Bilirsiniz ki, o da Kənd Təsərrüfatı Nazirliyinin nəzdindədir. Onlar da hər gün ət, balıq, toyuq məhsullarından nümunə götürürlər. Əgər alıcının marağı varsa, o sənədlər onlara göstərilməlidir. Göstərilmirsə, deməli, həqiqətən də, orada nə isə var, onlar cərimə olunmalıdırlar. Dərman məhsulları da belədir. Xaricdən, hətta Çindən gələn məhsulun da keyfiyyət sertifikatı var. Həmin mağazanın sahibi və ya satıcı onu mütləq alıcıya göstərməlidir. Qanun layihəsinin tərəfdarıyam, xahiş edirəm, səs verək. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Təşəkkür edirəm, hörmətli deputatlar. Çox maraqlı bir müzakirə getdi. Sözsüz ki, mən də bu qanun layihəsi barədə fikrimi demək istəyirəm. Bir-birimizi aldatmaq lazım deyil. Bu gün satışda da, istehsalatda da keyfiyyətsiz mallar var. İstehlakçıların çəkidə, ölçüdə, hesabda aldanma halları var. Bu, gizli deyil. Gəlin, burada elə tərifləyək. Qanun layihəsində bu sanksiyanı aşağı salsaq, onda daha yaxşı olacaq? Söhbət nədən gedir?
Əvvəla,  İlyas müəllimin çıxışından başlayım. İlyas müəllim deyir ki, belə bir meyil var: biz Cinayət Məcəlləsində, yəni cinayət siyasətində cərimələri gücləndiririk. Mən hesab edirəm ki, bu tamamilə düzgün siyasətdir. Ümumiyyətlə, bizim Cinayət Məcəlləsinin əsas ideyası bu deyil. İlyas müəllim, bizim cinayət siyasətimizdə əsas meyil ondan ibarətdir ki, azadlıqdan məhrumetmə cəzasını daha çox cərimə ilə əvəz edək. Yeri gəlmişkən, “Уголовное право Азербайджанской Республики” kitabınızda da Siz buna tərəfdarsınız, İlyas müəllim. Həmin kitabı mən çox yaxşı oxumuşam, bilirəm. Orada da Siz təklif edirsiniz ki, ümumiyyətlə, cinayət siyasətində humanistləşdirmə aparılmalıdır. Əgər biz azadlıqdan məhrumetmə cəzasının əvəzinə cərimə cəzası müəyyən ediriksə, bu tamamilə normal bir haldır. İndi nə üçün biz bu məsələni qaldırırıq?
Əlbəttə, bayaq burada çıxışlarda qeyd olundu, söhbət insan həyatından gedir. Azərbaycan dövlətinin cinayət siyasətində ali məqsəd ondan ibarətdir ki, insanın həyatı qorunmalıdır. Bayaq burada zəhərlənmədən misal gətirdilər. Şadlıq evlərində nə qədər zəhərlənmə olur? Yaxşı, bəs  ölən insanın həyatını nə ilə ölçmək olar? Milyonlarla ölçmək olmaz. Bu insan getdi, kayb oldu. Buna görə cinayət cəzasında normal bir sanksiya olmalıdır ki, vətəndaş özünü yığışdırsın. İnsanları bu qədər aldatmaq, onlara keyfiyyətsiz məhsul satmaq olmaz axı.
İkinci tərəfdən, burada qeyd olunur ki, məhkəmə təcrübəsi yoxdur. Mənim əziz həmkarlarım, əgər məhkəmə təcrübəsi yoxdursa, bu da bizim bisavadlığımızdır, hüquq mədəniyyətimizin aşağı olmasıdır. Bizi çəkidə də, ölçüdə də, hesabda da, keyfiyyətdə də aldadırlar. Birimiz məhkəməyə müraciət etmişikmi? Heç birimiz etmirik. Buna məhkəmə nə eləsin?
Keçən həftə şəhərin yaxşı ticarət mərkəzlərində bir şampun almaq istədim. Təsəvvür edin, Eldar müəllim, bunun tarixinə baxdım. Həmin şirkətin şəhərdə beş mağazası var. Özümə əziyyət verdim, bütün mağazaları gəzdim, üstündə tarix olan şampunu tapa bilmədim. Axırda müdir dedi ki, Ziyafət müəllim, üzr istəyirik, bu şampun anbarda qalıb köhnəlib. Amma gedib alanda deyirlər ki, təzədir, bu saat gətirmişik. İlham müəllim düz deyir, yığıb gətirirlər, doldururlar, illərlə anbarlarda qalır, sonra supermarketlərə verirlər. Hörmətli mağazadır guya. İnsanları niyə bu qədər aldadırsınız?
Ərzaq məhsulları mənim həyatıma təsir edir, axı, qardaş. Mən həyatımı niyə riskə qoymalıyam? Bu riskin qabağında 3–5 min nədir? Bayaq Əli müəllim çox gözəl iqtisadi izahat verdi. 150 milyon, 8 şəhərin qazancını qazanır, 3 min verməyə can çəkir? Qoy özlərindən kəsib versin. Amma biləcək ki, insanın həyatını bu qədər riskə qoymaq olmaz. Satan sənsən, alan da mənəm. Sən də azərbaycanlısan, mən də. Bu millətin genofondunu niyə məhv edirsən axı? Dərmanı da həmçinin. Mən İlham müəllimlə tamamilə razıyam. Bu gün ərzaq sahəsində Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsinin nəzarəti çox zəifdir. Adi vətəndaşın istehlakçı kimi mağazada istədiyi ərzağın tarixinə, keyfiyyət sertifikatına baxmaq hüququ var. Nə istəyirəmsə, onu mənə verməlidir. Heç nə yoxdur, Allahın ümidinə buraxılır. Belə şey olarmı? Bu barədə çox danışmaq olar. Xahiş edirəm, Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətimizi bildirək.

Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Altıncı məsələyə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.50 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Yeddinci məsələ Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə. Çingiz müəllim, buyurun.
Ç.Qənizadə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim edilən Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi hələ 2009-cu il aprelin 3-də Milli Məclisdə ikinci oxunuşda müzakirə edilmişdi. Lakin layihə bu gün, əslində, üçüncü oxunuşa təqdim olunmalı idi. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2012-ci il  7 fevral tarixli iclasında tam tərkibdə müzakirə edilmiş və qanun layihəsinin yenidən Milli Məclisdə ikinci oxunuşa qaytarılması qərara alınmışdır. Komitənin bu qərarı yeni çağırış millət vəkillərinin bu qanun layihəsinin müzakirəsində yaxından iştiraklarını təmin etmək, keçən dövr ərzində qanun layihəsi üzərində əsaslı dəyişikliklərlə bağlıdır.
Bildirmək istəyirəm ki, Milli Məclisin 2009-cu il 3 aprel tarixli iclasında müzakirələr zamanı bir qrup millət vəkili, o cümlədən komitə sədrinin müavini cənab Rövşən Rzayev, millət vəkilləri Elmira xanım Axundova, Rafael Cəbrayılov, Gövhər  xanım Baxşəliyeva və qeyriləri çıxış etmiş, öz təkliflərini vermişlər. Bu təkliflər sonradan müzakirə edilmiş və bir çoxu qəbul olunmuşdur. Müzakirələrdən sonra 2009-cu il 11 may tarixində ATƏT-in Bakı ofisinin rəhbəri cənab Cankorel tərəfindən komitəmizin sədri cənab Əli Hüseynlinin ünvanına məktub göndərilmiş və məktubda ATƏT-in mütəxəssisləri tərəfindən  qanun layihəsi ilə bağlı 49 səhifəlik rəy verilmişdir.
Qeyd etmək istəyirəm ki, qanun layihəsi hazırlandığı dövrdə Milli Məclisin bir qrup deputatı Avropa ölkələrinə ezamiyyətə getmiş, onların təcrübəsi və qanunların icrası ilə yerində tanış olmuşlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və sair digər orqanlar ilə müzakirələr aparılmış, onların rəy və təklifləri diqqətlə müzakirə edilmiş, beynəlxalq standartlara cavab verən bütün rəy və təkliflər qəbul edilmişdir. Qeyd edirəm ki, qanun layihəsi hazırlanarkən beynəlxalq standartlara və götürdüyümüz öhdəliklərə, o cümlədən İnsan hüquqları haqqında ümumi bəyannaməyə, BMT-nin Azadlıqdan məhrum olunmuş şəxslər ilə rəftara dair standart minimum qaydalar və qaydaların səmərəli icrasına dair prosedurlarına, BMT-nin Baş Assambleyasının dustaqlara qarşı rəftara dair əsas prinsiplərinə, İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına, BMT-nin İşgəncələrə və digər qəddar qeyri-insani və yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasına, İşgəncənin və qeyri-insani və ləyaqəti alçaldan rəftarın və cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasına, Avropa penitensiar qaydalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin həbs yerlərində saxlanılanların hüquq və azadlıqlarının səmərəli hüquqi müdafiə vasitələrinə dair qərarlarına və sair beynəlxalq sənədlərə uyğunlaşdırılmışdır. Qanun layihəsi Azərbaycan Konstitusiyasının maddələrinə uyğunlaşdırılmışdır. Bu qanun qəbul edildikdən sonra bəzi qanunlarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsində müsbət mənada dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Nəhayət, qanun layihəsinin özü haqqında qısaca qeyd etmək istəyirəm ki, bu qanun layihəsi 4 fəsil, 50 maddədən  ibarətdir. Qanun layihəsinin I fəslində ümumi müddəalardan bəhs edilir. Bu fəsildə istifadə olunan əsas anlayışların mənaları ifadə olunur. Burada tutulmuş şəxs, həbs edilmiş şəxs, məhkumluğu olmuş şəxs, qadağan olunmuş əşyalar, həbs yerlərində saxlanmanın əsas məqsədi, şəxsin tutulması və ya həbs edilməsi üçün əsaslar, həbs yerləri, müvəqqəti saxlama yerləri, hauptvaxtlar, istintaq təcridxanaları, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülməsi qaydaları, həbs yerlərinin işçiləri, həbs yerlərində rejim, daxili intizam qaydaları, həbs yerlərində əməliyyat-axtarış fəaliyyəti haqqında müddəalar göstərilmişdir. Qısaca qeyd etmək istəyirəm ki, bu müddəalar olduqca prinsipialdır və hər biri dəfələrlə ölçülüb-biçilmiş və insan hüquq və azadlıqlarının tam təminatı qaydalarla tənzimlənmişdir.
II fəsildə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyətlərinin əsasları və onların hüquqları sadalanır. Buraya həbs edilmiş və ya tutulmuş şəxslərin dərhal ailəsinə və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərə telefon və ya digər vasitələrlə məlumat verilməsi öz əksini tapmışdır. Bu ən mühüm məqamlardan biridir. Belə ki, indiyə qədər saxlanılan şəxslərin harada saxlanması, bəzən də bir neçə gündən sonra onların yerinin  müəyyən olunması çox böyük çətinliklər törədirdi. Artıq bir vəzifə olaraq bu şəxslərin məlumat vermək imkanı qanuniləşdirilir. Şəxsin təhlükəsizliyinin təmin edilməsi, müdafiəçisi və ya onun qanuni nümayəndəsi, o cümlədən ailə üzvləri və əlaqələri onun üçün mühüm əhəmiyyət kəsb edən, maraq doğuran digər şəxslərlə görüşmək, dini ayinləri yerinə yetirmək, öz şəxsi vəsaiti hesabına qəzet və jurnal əldə etmək, idmanla məşğul olmaq, stolüstü oyunlarda iştirak etmək, gəzinti və gecə 8 saat yatmaq hüququ bu qanunla tənzimlənəcəkdir.
“Tibbi sanitariya təminatı” adlanan maddədə tutulmuş və ya həbs edilmiş şəxs həbs yerlərinə qəbul edildikdən dərhal sonra onda müşahidə olunan hər hansı bədən xəsarətləri və həbs yerinə daxil olana qədər məruz qaldığı hər hansı pis rəftar barədə şikayətlərinin həbs yerinin müdiriyyəti tərəfindən qeydiyyata alınması, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza nəticəsində törədilməsi güman edilən bədən xəsarətləri barəsində səlahiyyətli dövlət orqanlarına dərhal məlumat verilməsi öz əksini tapmışdır. Burada tutulmuş və ya həbs edilmiş şəxs öldükdə, onun ailə üzvlərinə dərhal məlumat verilməsi, Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənən qaydalardan və tibbi ekspertizanın rəyindən sonra meyitin dərhal onun ailəsinə verilməsi qanunla tənzimlənəcəkdir. Eyni zamanda, belə bir tələb olmadıqda 30 gün müddətində meyitin dövlət vəsaiti hesabına dəfn olunması bu qanunla tənzimlənəcəkdir.
III fəsildə həbs yerlərində rejim və onun təmin edilməsi qaydaları öz əksini tapır. Burada həbs yerlərinin müdiriyyətinin vəzifələri, şəxslərin kameralarda və həbs yerlərində saxlanılması qaydaları, onların mühafizəsi, onlara nəzarət, istintaq təcridxanasında həvəsləndirmək və ya tənbeh tədbirləri, cərimə təcridxanasına yerləşdirmək, yeməkdən imtina edildikdə görülən tədbirlər və sair artıq qanuni şəkildə tənzimlənəcəkdir.
Nəhayət, IV fəsil yekun müddəalara həsr edilir ki, burada tutulmuş və ya həbs edilmiş şəxslərin azad edilməsi əsasları və qaydaları, həbs yerlərində dövlət və ictimai nəzarətin qanunauyğunluğu, bu qanunun pozulmasına görə təqsirli şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Mən qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq qanun layihəsində şəxsin azad edilməsi üçün qanuni əsaslar olduqda onun həbs yerinin rəisi tərəfindən dərhal azad olunmaması artıq həmin vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməsi öz əksini tapmışdır.
Hörmətli sədarət, onu da qeyd etmək istəyirəm ki, bu qanunun qəbul edilməsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədi ilə 2011-ci il 27 dekabr tarixdə cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş İnsan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının 1.2.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə ilə icra orqanı Milli Məclis olmaqla bu qanunun mart-aprel aylarında qəbul edilməsi nəzərdə tutulmuşdur. Mən hesab edirəm ki, bu qanunun qəbulu həm Milli Fəaliyyət Proqramının icrasına dəstək olmaqla bərabər, həm də Azərbaycanda insan hüquq və azadlıqlarına böyük töhfə olacaqdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, yaxın vaxtlarda komitə ATƏT-in Bakı ofisi ilə birlikdə bu qanun layihəsi ilə bağlı ictimai dinləmələr təşkil etmək niyyətindədir. Bu dinləmələrə həm komissiya üzvləri, həm də komissiyada olan ictimai nəzarəti və ictimaiyyət nümayəndələrinin dəvət edilməsi bir məqsəd olaraq komitə tərəfindən razılaşdırılmışdır.
Bu qanun layihəsinin hazırlanmasında yaxından iştirak etmiş işçi qrupunun bütün üzvlərinə, o cümlədən Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi cənab Çingiz Əsgərova və eyni zamanda, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin sədri cənab Lətif Hüseynova, həmçinin ATƏT-in Bakı ofisinə və eyni zamanda, bu gün iclasımızda iştirak edən ATƏT-in nümayəndələrinə komitəmiz adından təşəkkürümüzü bildiririk.
Fürsətdən istifadə edərək hüquq müdafiəçisi kimi bir məsələni də qeyd edim. Mən həbs yerlərində insanların qarşılaşdıqları çətinliklərlə bağlı ən çox müraciət olunan şəxslərdən biri və eyni zamanda bir ictimai təşkilatın rəhbəri kimi həmişə bu məsələlərlə məşğul olmuş, müəyyən monitorinqlər keçirmiş, qeydiyyatlar aparmışam. Belə bir qanunun qəbul olunmasını həmişə arzulamış şəxslərdən biriyəm. Mən qeyd etmək istəyirəm ki, bu qanunun qəbulu məhz indiyə qədər bizim, yəni hüquq müdafiəçilərinin, digər qeyri-hökumət təşkilatları nümayəndələrinin ürəyincə olacaq, eyni zamanda, Azərbaycan qanunlarındakı boşluqların tam doldurulmasına xidmət edəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, millət vəkilləri bu qanun layihəsi ilə yaxından tanış olublar və ikinci oxunuşda buna səs verəcəklər. Sizin təkliflərinizi də yazılı şəkildə qəbul etməyə hazırıq və komitənin növbəti iclasında yəqin ki, bu təkliflərin geniş müzakirəsi aparılacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl ikinci oxunuşun tələbinə uyğun olaraq biz bunu əsas kimi qəbul etməliyik. Etiraz yoxdursa, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, Daxili Nizamnamənin tələbinə görə biz bu qanun layihəsini fəsil-fəsil müzakirə etməliyik. Amma siz etiraz etməsəniz, biz bunu bütövlükdə müzakirə edə, amma səsverməni fəsil-fəsil apara bilərik. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Lap yaxşı. Fazil Mustafa, buyurun.
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Əvvəla, mən bir ənənəni müsbət qiymətləndirirəm. İndi hörmətli Çingiz Qənizadə qanun layihəsini təqdim etdi. Ümumiyyətlə, bu ənənəni bir az genişləndirmək lazımdır. Komitələrdə hazırlanan sənədlərin yalnız komitə sədrləri tərəfindən təqdimatı yox, komitənin digər üzvlərinin də təqdimatı müsbət bir meyldir. Bütün Milli Məclis üzvlərinin bu prosedur qaydalarında, proseslərdə iştirak eləmələri Milli Məclisin demokratikliyi baxımından da faydalı olar.
İkinci, qanun layihəsi ilə bağlı mən maddələr üzrə konkret danışmaq istəyirəm. 10.1-ci maddədə bildirilir ki, “Həbs yerlərinin işçiləri hazırlıqlı, səriştəli və  peşəkar olmalıdırlar”. Bu cür terminlərin qanun layihəsində  açılışı olmadan verilməsi bir az problem yaradır. Nə ilə müəyyən olunur ki, hazırlıqlı, peşəkar, səriştəlidir? Bunun, məncə, bir qədər fərql açılışını vermək daha yerində olar, çünki izahı mümkün deyil. “Səriştəli” nə deməkdir? 20 il orada işləyib, amma adam döyübsə, səriştəli deyil. Həmin şəxsi orada əlavə saxlamağın nə mənası var? Bu baxımdan məsələyə bir az açılış verək. Mən indi konkret təklifim olmadığına görə bir şey deyə bilmirəm. Amma hər halda bir dəyişiklik edilsə, yaxşı olar.
12.1.17-ci maddədən sonra təklif edirəm ki, 12.1.18-ci maddə əlavə olunsun və burada deyilsin: “Valideyn, qardaş, bacı, uşaq, uşağın dəfnində iştiraka görə müvafiq icra hakimiyyətinin razılığı ilə nəzarət altında 24 saat ərzində buraxıla bilər”. Bu nəyə görə vacibdir? Türkiyədə, xatırlayırsınızsa, yaxın zamanlarda Haberal Yasası deyilən bir qanun müzakirəyə çıxarıldı. Böyük Millət Məclisində qəbul olunmaq üçün nəzərdə tutuldu. Millət vəkili seçilmiş şəxsin anası ağır yataq xəstəsi idi və onun anasına baş çəkməsi üçün 24 saat vaxt verilməsi nəzərdə tutulurdu. Bunu məhkum şəxs haqqında söyləmirəm. Məhkum da bu humanizm prinsipləri ilə təmin olunur. Amma həbsdə olan və ya tutulmuş şəxs hələ cinayətkar deyil, haqqında məhkəmə hökmü yoxdur. Onun törətdiyi əməlin sübut olunub-olunmayacağı, məhkumluğun yaranıb-yaranmayacağı bəlli deyil. Bu müddət ərzində həyatında baş verə biləcək hansı isə bir faciəli hadisə və ya xoşagəlməz bir situasiyada onu bundan məhrum etmək insanın ömürlük öz dövlətinə, onu həbs edənlərə qarşı bir nifrət hissinin formalaşmasına gətirib çıxara bilər. Yəni qanunsuz həbs olunubsa, anasının və ya atasının dəfnində iştirak etməyibsə, onu azadlığa buraxanda sonra bu duyğuları fərqli formada yaşayacaq? Ona görə də bunun da nəzərə alınması, məncə, yerində olar və gələcəkdə müəyyən problemlər yaratmaz.
Ciddi məsələlərdən bir çoxu yaxşı ki, bu qanun layihəsində əksini tapıb. Dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək məsələsi göstərilir. Dini ayinləri yerinə yetirmək məsələsinə bir qədər aydınlıq gətirmək lazımdır. Məsələn, son vaxtlar artıq praktikada da bunları görürük. Xüsusilə də müxalifətin mitinqlərində tez-tez deyilir, istinad edilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə biz mitinq keçirməliyik. Hakimiyyət də deyir ki, əhalinin istirahət hüququnu pozursunuz, ona görə də mitinq keçirmək olmaz. İndi kim təminat verir ki, həbsxanada kim isə saat 6-da namaz qılmağa qalxanda digər dustaqlar, saxlanılan şəxslər etiraz etməyəcəklər ki, sən bizim istirahət hüququmuzu pozursan. Ona görə də bu hüquq verilirsə, bunun təminatı məsələsində ziddiyyət yaranmasına yol vermək olmaz. Məncə, dini ayinlərin, ibadətlərin xüsusi ayrılmış yerlərdə keçirilməsi məsələsi burada qeyd olunmalıdır. Yəni həbsxanalarda, həbs yerlərində və istintaq təcridxanalarında bu məsələ ayrıca həll olunmalıdır ki, başqa bəhanələrlə bunun məhdudlaşdırılmasına yol verilməsin. Həbsxana rəhbərliyi, başqa şəxslər tərəfindən bu insanların həmin hüququnun pozulmasına imkan verilməsin.
Ən maraqlı məsələlərdən biri də budur ki, həbs olunan şəxslərin təkcə ölüm hadisəsi olanda buraxılması ilə kifayətlənmək olmaz. Mən hesab edirəm ki, müvafiq icra orqanının razılığı ilə həmin şəxs təhlükəli deyilsə, işdə zərər çəkən yoxdursa, elementar məsələlərə görə həbs yerindədirsə, yaxın adamının və ya özünün toy, nikah və ya başqa tədbirlərinə qatılma imkanları tanınmalıdır. Ona görə tanınmalıdır, yenə deyirəm, insan həyatıdır, bəlkə məhkumluq yaranmayacaq, onun bu müddət ərzində qura biləcəyi ailə sistemi pozula bilər. Əgər humanizm prinsiplərindən çıxış ediriksə, müvafiq icra hakimiyyəti məqsədəuyğun saymasa, onu təhlükəli hesab etsə, onun problem yarada biləcəyindən ehtiyatlanırsa, icazə verməsin. Amma bu hüququ saxlamaq lazımdır ki, müstəsna hallarda insanlar bundan istifadə edə bilsinlər.
19.2, 19.3-cü maddələr, hesab edirəm, çox yaxşı ki, buraya salınıbdır, amma bunun praktikada həlli məsələsi olduqca çətindir. Şəxsin hüquqi yardım almayanadək dindirilməməsi məsələsi əvvəlcədən də var idi. Bunun nəzərdə tutulması müsbət hal sayıla bilər.
Nəhayət, 30 gün müddəti məsələsi 22.10-cu maddədə göstərilir. Meyit 30 gün müddətində qohumlarına verilməlidir. Əslində, vəfat etmiş şəxslərin qohumları bilinir. Bunu 30 gün saxlamağın nə mənası var? Əgər valideyn, yaxın adamlar onu yaxın bir həftədə almadılarsa artıq bilinir ki, kimsəsi yoxdur. Meyiti 30 gün morqda saxlamağın nə mənası var? Məncə, müddət 10 gün göstərilsə, daha normal olar. 10 gün ərzində heç kim ona sahib çıxmadısa, dövlət öz vəsaiti hesabına bunu həll edə bilər. Problem də konkret istintaq təcridxanasının rəhbərinin üzərində qalmaz. Onu da bu qədər qayğı ilə yükləmək olmaz.
Ümumiyyətlə, bu qanun layihəsi, bildiyimiz kimi, Avropa təşkilatlarının da diqqətindədir. Məncə, müsbət bir hadisədir. Ayrı-ayrı təlimatlarda, əsasnamələrdə olan müddəaların burada yer alması, birləşdirilməsi, hamısının ümumi bir xarakterinin olması, sənəd kimi təqdim edilməsi müsbət hadisədir.
Burada bir məsələyə də toxunmaq istəyirəm. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasının saxlanması məsələsi indiki şərtlərdə realdır. Amma gələcəkdə, Azərbaycan üçün xarici təhlükə, terror təhlükəsi və başqa məsələlər tədricən ortadan qalxdıqdan sonra vahid istintaq təcridxanası, həbs yerləri sisteminin müəyyən olunması ölkənin ümumi demokratik imici baxımından faydalı olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, əgər etiraz etmirsinizsə, çıxışlar üçün 5 dəqiqə verək, hamının çıxış etmək imkanı olsun. Çingiz müəllim, xahiş edirəm, Siz də bu qeydləri yazın, çünki axırda Sizə söz verəcəyik ki, fikirlərə, qeydlərə, iradlara münasibət bildirəsiniz. Elmira Axundova.
E.Axundova. Ölkə daxilində penitensiar xidmətin səviyyəsinin xeyli dərəcədə yüksəlməsi müşahidə olunmaqdadır. Bu sahədə əhəmiyyətli islahatlar aparılmış, müsbət nəticələr əldə edilmişdir. Mən özüm Prezident yanında Əfv komissiyasının üzvü olaraq bir çox penitensiar xidmət müəssisələri ilə tanışam. Sevindirici haldır ki, cəzaçəkmə müəssisələrində əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Burada həmkarım Fazil Mustafa dini ayinlər haqqında danışır və narahatlığını bildirir ki, bəs bir məhbus ibadət edəndə digərinə maneçilik törətməməsi barədə müdiriyyət fikirləşməlidir. Mən deyə bilərəm ki, çoxdan bu barədə düşünülüb. Bu yaxınlarda, dekabr ayında beş islah əmək müəssisəsində olmuşam. Hər bir kalonda ayrıca düzəldilmiş ibadət otaqları görmüşəm. Özü də çox maraqlıdır ki, hətta bunun üçün iki otaq ayrılır. Bir otaq müsəlman, bir otaq da xristian təmayüllü insanlar üçün ayrılır. Demək olar ki, bütün cəzaçəkmə müəssisələrində ayrıca ibadət otaqları fəaliyyət göstərir, o cümlədən kompüter otaqları, kitabxanalar var, idman zallarının səviyyəsi yaxşılaşdırılır. Bütün bunlar müsbət dəyişikliklərdir.
Biz məsələnin maddi tərəfini tədricən qaydaya salırıq. Əlbəttə, mənəviyyat, insan hüquq və azadlıqları kimi məsələlər ön plana çəkilir və bu mənada müzakirəyə təqdim olunan qanun layihəsi aktual və labüddür. Mən də bu layihəni dəstəkləyirəm, ona səs verəcəyəm. Bu qanun layihəsində bir çox mütərəqqi müddəalar nəzərdə tutulmuşdur. Məsələn, çox müsbət haldır ki, bir çox hüquq və azadlıqlar qanun layihəsində öz əksini tapıb. Məsələn, idmanla məşğul olmaq, dini ayinlərin yerinə yetirilməsi, kitabxanadan istifadə etmək, ədəbiyyat, jurnal, qəzet əldə etmək, istirahət hüququ və sair.
Qeyd olunan bütün müsbət məsələlərlə yanaşı, mən bir mühüm məsələyə də diqqət yetirmək istərdim, Çingiz müəllim. Çox maraqlı, mühüm məsələdir. Biz cəzaçəkmə müəssisələrində olanda məhbuslar, xüsusən cavanlar bizə bu barədə dəfələrlə müraciət edirlər. Bu da nədən ibarətdir? Hər kəsin, bilirsiniz ki, təhsil almaq hüququ var və heç kim bu hüquqdan məhrum edilə bilməz. Cinayət qanunvericiliyi məhbusu azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırsa da, onun təhsil hüququnu əlindən almamalıdır. Müvafiq qanunun 15.2-ci maddəsinə əsasən biliyi artırmaq məqsədi ilə xüsusi ədəbiyyatdan istifadə etmək hüququ tanınır. Bu müsbət müddəadır. Lakin həmin qanun layihəsində təhsil hüququ təmin edilmir.
Mən sizə bir misal gətirim. Elə hallar ola bilər ki, universitet tələbəsi ehtiyatsızlıqdan yol qəzası törətsin. Belə olan halda o, azadlıqdan məhrum edilir. Amma bununla yanaşı, təhsil hüququndan da məhrum edilir. Elə bir həll yolu düşünmək olmazmı, həmin şəxsin təhsil almaq hüququ pozulmasın? Məsələn, həmin şəxs əyani təhsil alırdısa, cəzaçəkmə müəssisəsinə düşürsə, onu qiyabi şöbəyə keçirməklə islah əmək müəssisəsində öz təhsilini davam etdirsin. Qeyd etmək lazımdır ki, bu norma, yəni cəzaçəkmə müəssisələrində təhsil almaq hüququ inkişaf etmiş dövlətlərin qanunvericiliyində çoxdan mövcuddur və həyata keçirilir.
Əgər biz hüquq və azadlıqlardan danışırıqsa, bir başqa çox mühüm maddə, məncə, mütləq əlavə edilməlidir. Mən istərdim, bax bu müddəa qanun layihəsində yazılsın. Bu da cəzaçəkmə müəssisəsindən qısamüddətli buraxılış məsələsidir. Həmin norma ilk dəfə məhkum olunan, ağır cinayət törətməyən, ehtiyatsızlıqdan cinayət törədən və özünün nümunəvi davranışı ilə seçilən məhbuslara şamil oluna bilər. 5–7 gün evinə getməklə, uşaqlarını, valideynlərini görməklə onu mükafatlandırmaq olardı. Doğrudur, qısa və uzunmüddətli görüşlər cəzaçəkmə müəssisələrinin özündə nəzərdə tutulur. Lakin biz bilirik ki, hər bir məhbusun yanına gələnlər ola bilməz. Məsələn, valideynləri xəstə, qoca, kasıb və sair olanlar var. Ona görə də mən də bu normanın tətbiqini çox...

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Elmira xanım. Mən inanıram ki, Çingiz müəllim və bu məsələni praktik cəhətdən bilən digər hüquqşünaslar izah edərlər. Elmira xanım, burada söhbət cəzaçəkmə müəssisələrindən getmir. Burada söhbət həbs yerlərindən, müvəqqəti təcridxanalardan gedir. Hələ şəxs haqqında hökm oxunmayıb və bu şəxsin məhkum olunub-olunmayacağı bəlli deyil. Ona görə də Sizin söylədiyiniz fikirlər, mənə elə gəlir ki, bu qanunun predmeti olmaya bilər. İlyas İsmayılov, buyurun.
İ.İsmayılov. Ziyafət müəllim iclasdan getdi. Mən ona səmimi şəxsi təşəkkürümü bildirmək istəyirəm. O dedi ki, mənim kitabımı yaxşı oxuyubdur. Hazırda oxucu problemi var. Ancaq onu demək istəyirəm ki, mənim yazdığımla danışığım arasında bir ziddiyyət yox idi. Məsələnin ayrı-ayrı aspektləri idi.
İndi layihə barədə demək istəyirəm. Layihə, doğrudan da, çox yaxşı tərtib olunub. Onun çox böyük üstünlükləri var. Bunları sadalaya da bilərəm. Bir-ikisini qeyd etməklə kifayətlənəcəyəm. Birincisi bundan ibarətdir ki, əməliyyat-axtarış fəaliyyəti zamanı qanunların icra olunmasına prokuror nəzarət edir. Daxili intizam qaydası bu qanuna zidd olmamalıdır və ilaxir.
Bizim məqsədimiz qanun layihəsini daha da yaxşılaşdırmaq olduğundan bu istiqamətdə müəyyən arzularımı bildirmək istəyirəm. Əvvəla, Fazil müəllimin dedikləri ilə tam şərikəm. Əlavə olaraq da aşağıdakıları göstərmək istəyirəm. Layihənin 7.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, “həbs edilmiş şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilir”. Məlumdur ki, belə şəxslərin haqqında bəraət hökmü də çıxarıla bilər. Buna görə də şərh olunan maddədə bəraət almış şəxslərin də məhkəmə iclası zalından azad edilməsi nəzərdə tutulmalıdır.
İkinci, layihənin 15.1.1-ci maddəsində göstərilir ki, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ailəsinə və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə bu barədə məlumat vermək imkanı ilə təmin olunmalıdır. Nəzərə alaq ki, həmin şəxsin başqa şəxslərlə əlaqəyə girməkdə cinayətkar məqsədi də ola bilər. Fikrimizcə, “maraq” sözündən əvvəl “qanuni” sözü əlavə edilməli və ona ancaq qanuni maraq doğuran şəxslərlə əlaqəyə girmək hüququ verilməlidir.
Üçüncü, layihənin 19.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, “tutulmuş və ya həbs edilmiş şəxsin vəkilinin iştirakı olmadan verdiyi ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz”. Heç bir qeyd-şərt olmadan verilmiş bu maddədən belə anlaşılır ki, bütün hallarda vəkilinin iştirakı olmadan verilmiş belə ifadələr sübut sayılmır. Əvvəla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, şübhəli təqsirləndirilən şəxslərin ifadələri sübut kimi qəbul edilir. Lakin Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edilmiş məlumatlar, o cümlədən ifadələr sübut kimi qəbul edilə bilməz.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.1.7.5-ci maddəsinə əsasən şübhəli şəxs və ya 91-ci maddəyə əsasən təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi xidməti almaq hüququna malikdir. Şübhəsiz ki, qanunun bu tələbini pozmaqla ondan alınmış ifadələr sübut kimi qəbul edilə bilməz. Lakin bu şəxsin müdafiəçidən imtina etmək hüququ da var. Buna görə də hesab edirəm ki, layihənin 19.3-cü maddəsi aşağıdakı redaksiyada verilməlidir: “Müdafiəçidən imtina etməmiş, tutulmuş və ya həbs edilmiş şəxsin vəkilin iştirakı olmadan verdiyi ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz”. Layihənin 39.5-ci maddəsində nəzərdə tutulmuş “gündən gün müddətində” sözləri dəqiqləşdirilməlidir. Yəni “gündən 1 gün müddətində” yazılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən.  Təşəkkür edirik. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Bahar xanım. İlk öncə mən də qeyd etmək istəyirəm ki, Bahar xanım çox doğru dedi. Bu qanunun predmeti şübhəli şəxs qismində tutulmuş və yaxud müstəntiqin qərarı ilə məhkəmə tərəfindən barəsində həbs qətiimkan tədbiri seçilmiş şəxslərdir. İslah əmək müəssisələri, oradakı münasibətlər bu qanunun predmeti deyil.
Mən bu qanun layihəsinin əsas məğzi barədə bir neçə fikir söyləmək istəyirəm. Vaxtilə bizim hüquq sistemində aparılmış islahatların ən əhəmiyyətlisi, önəmlisi bundan ibarətdir ki, biz belə bir prinsip qəbul etdik, əgər istintaq orqanı hər hansı bir şəxsi həbs edirsə, bu şəxs ibtidai istintaq müddətində həmin orqanın nəzarətində olan istintaq təcridxanasında saxlanıla bilməz. Ona görə də biz istintaq təcridxanalarını Daxili İşlər Nazirliyindən alıb Ədliyyə Nazirliyinə tabe etdirdik ki, Ədliyyə Nazirliyi istintaq aparmır. Amma o zaman Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası müvəqqəti saxlanıldı. Çox təəssüf ki, bu müddət uzanır. Mən hesab edirəm ki, zaman gəlib çatıb, Milli Təhlükəsizlik Nazirliyi də istintaq aparan şəxsi həbs edən orqan olduğuna görə istintaq təcridxanası alınıb Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməlidir. Çingiz müəllim, ona görə də qanun layihəsinin 4.1.3-cü maddəsində qeyd olunan “müvafiq icra hakimiyyəti orqanlarının istintaq təcridxanaları” sözləri “müvafiq icra hakimiyyəti orqanının istintaq təcridxanası” sözləri ilə əvəz olunsun. Yəni biz bunu etməsək, doğru olmaz.
Bu qanunun qəbulunu insan hüquqlarının qorunması istiqamətində yeni bir addım kimi qiymətləndiririk. Mən hesab edirəm ki, doğrudan da, bu belədir. Qanun layihəsinin 7.2-ci maddəsində istintaq təcridxanaları ilə bağlı qeyd olunur ki, şəxs azadlıqdan məhrumetmə növündə cəza alırsa, istintaq təcridxanasının müdiriyyəti 10 gün müddətində həmin şəxsi təcridxanadan müvafiq cəzaçəkmə yerinə göndərməlidir. Amma bizim praktikada var ki, ömürlük cəza almış şəxslər də cəzalarını artıq 4-5 il, bəlkə də artıq müddətdir ki, istintaq təcridxanalarında çəkirlər. Ona görə də, Bahar xanım, mən hesab edirəm ki, ən pis qanun qanunsuzluqdan, qanunlara əməl edilməməsindən daha yaxşıdır. Əgər həbs olunmuş şəxsin dövlət qarşısında xidmətlərinə, yaxud müvafiq istintaqı aparmış orqanın mülahizələrinə görə belə bir ehtiyac olarsa, şəxsin istintaq təcridxanasında saxlanılmasını qanunvericilik qaydasında həll edək. Bu vəziyyət də qanun pozuntusu kimi mətbuatda hallandırılmasın. Bu, vətəndaşların dövlətə, qanunlara olan inamlarını sarsıdır. Ona görə də burada yazaq ki, müəyyən hallarda istintaq aparan orqan öz istintaq təcridxanasında həmin şəxsin aldığı cəzasını çəkməsini də təmin edə, yəni artıq onu cəzaçəkmə yerlərinə göndərməyə bilər. Çox istərdim ki, hörmətli Çingiz Qənizadə bu məsələyə də münasibət bildirsin.
Bundan başqa, burada çoxlu göndərici normalar var. Biz burada qeyd edirik ki, həbs yerlərində rejim daxili intizam qaydaları ilə, müvafiq icra orqanının qəbul etdiyi normativ aktla tənzim olunur. Mən bu baxımdan qeyd etmək istəyirəm ki, onsuz da Milli Məclisin iclasları o qədər də çox keçirilmir ki, bizim vaxtımız olmasın, bir iclası artıq keçirərik. Burada qeyd etməyək ki, daxili intizam qaydaları müvafiq orqan tərəfindən qəbul edilir. Biz qeyd edək ki, qanunla təsdiq olunur, yəni daxili intizam qaydalarını Milli Məclisə göndərsinlər, müzakirə və təsdiq edək.
Bundan başqa, 15-ci maddədə tutulmuş və həbs edilmiş şəxslərin əsas hüquqları ilə bağlı bir müddəa var. Burada Fazil Mustafa da qeyd etdi, mən də hesab edirəm ki, biz həbs edilmiş şəxsin ailə üzvlərindən kimsə dünyasını dəyişərsə, onun yaxınlarının dəfn mərasimində iştirak etmək hüququ olsun.
Bundan başqa, 16-cı maddə ilə bağlı da bir fikir var. Burada çox normal bir müddəa var. Ümumiyyətlə, tutulmuş, yaxud müttəhim qismində cəlb olunmuş şəxsə istintaq aparan orqan tərəfindən təzyiqlər göstərilməsinə yol verilməməlidir. Mən hesab edirəm, layihədə göstərilməlidir ki, dindirmə otaqlarında proseslərə həmin orqan tərəfindən nəzarət edilməsi üçün müvafiq təhlükəsizlik kameraları quraşdırılmalıdır ki, həmin şəxslərə təzyiqlər edilməsin.
Bundan başqa, layihədə bir neqativ hala yol açan müddəa var. 25-ci maddədə deyilir ki, həbs edilmiş şəxsin bağlama, sovqat, banderol, pul  baratları almaq və ya göndərmək hüququ var. Amma sonra deyirik ki, şəxsin üzərindən pul tutularsa, həmin pullar onun hesabına köçürülür. 12-ci maddədə qeyd edirik ki, həbs edilmiş şəxsə hansı əşyalar ötürülə bilməz, bu barədə ona xəbərdarlıq edilir və müvafiq iltizam alınır. Əgər o, qanunsuz yolla pul alıbsa, bu pul müsadirə olunmalıdır, həmin şəxsin hesabına köçürülməməlidir. Mən də hesab edirəm ki, nəzarətçi orqanlar pulun içəridə dövr etməsində maraqlı olmasınlar deyə, həmin müddəa buraya daxil edilməlidir. Əgər belə bir vəsait aşkar edilərsə, dərhal müsadirə olunur. Bir də burada qeyd olunur ki, şəxs daxili intizam qaydalarını pozarsa, 7 günədək müddətdə cərimə təcridxanalarında yerləşdirilə bilər. Mən hesab edirəm, 7 gün çoxdur, bunu da 3 günlə məhdudlaşdırmaq olar.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Valeh müəllim Ələsgərov, buyurun.
V.Ələsgərov. Mən çıxış etmək istəmirdim. Ancaq çıxışlar zamanı bəzi narazılıqları, anlaşılmazlığı aradan qaldırmaq üçün iki kəlmə demək istəyirəm. Qanun layihəsində çox dəqiq yazılıb ki, bu qanun kimə, hansı yerlərə, şəxslərə aid olacaqdır. Müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir. “Əsas anlayışlar” maddəsində dəqiq göstərilir ki, “tutulmuş şəxs”, “həbs edilmiş şəxs”, “məhkum edilmiş şəxs” kimdir. 4-cü maddədə həbs yerləri göstərilir və yazılır: “Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı həbs yerlərində saxlanılırlar”. Burada “məhkum edilmiş şəxslər haqqında” yazılmayıb, yazılıb: “Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı həbs yerlərində saxlanılırlar: müvafiq icra hakimiyyəti orqanının müvəqqəti saxlama yerləri; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və... yaradılmış başqa silahlı birləşmənin qarnizon hauptvaxtları; ...istintaq təcridxanaları”. Bunlar müvəqqəti saxlama yerləridir. Hələ məhkəmənin qərarı yoxdur, bu adamın təqsirkar olub-olmadığı 5 illik və ya ömürlük həbs olunacağı bilinmir. Bunlara aiddir.
9-cu maddəyə görə həbs olunmuş, cəzasını çəkən, haqqında məhkəmə hökmü verilmiş şəxs başqa şəxsin törətdiyi cinayətlə əlaqədar məhkəməyə cəlb edilərsə, istintaq zamanı həmin müəssisədən müvəqqəti 2 aydan çox olmayan müddətə istintaq təcridxanalarına  keçirilə bilər. Ona görə də orada bir-iki ay saxlanılan adamın təhsilini təmin etmək, arvad-uşaqla görüşmək, toya getmək məsələlərinin qanun layihəsinə heç bir aidiyyəti yoxdur. Əminəm, hamı başa düşür ki, bu kimə aiddir və hansı həbs yerlərindən söhbət gedir.  Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Bahar xanım, təşəkkür edirəm. Hörmətli həmkarlar, müzakirəyə təqdim olunan qanun layihəsi nəinki cinayət-prosessual qanunvericiliyi üçün, ümumən, bütövlükdə Azərbaycan Respublikasının qanunvericiliyi üçün çox mühüm əhəmiyyətə malikdir. Bahar xanım, Siz haqlı olaraq vurğuladınız, Valeh müəllim də ətraflı qeyd etdi, hörmətli həmkarlarımın qaldırdıqları məsələlər özü-özlüyündə aktual olsa belə, bu qanun layihəsinin predmetinə aid deyildir. Məsələn, Elmira xanımın qaldırdığı məsələ aktual məsələdir. Amma bununla bağlı respublikamızın mükəmməl qanunvericilik bazası var, bu məsələlər Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. 
Birinci oxunuşdan sonra layihə üzərində çox böyük təkmilləşdirmə, hüquqi, səliqə-sahman işləri aparılıb. Bu məsələ ilə bağlı bir sıra məsələlər Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənirdi. Demək olmazdı ki, həmin məsələlər bu layihə müzakirəyə çıxarılana qədər tənzimlənmirdi. Böyük əksəriyyəti Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənirdi. Amma bu layihənin əhəmiyyəti də ondan ibarətdir ki, həbs yerlərində saxlanılan insanların adi məişətindən, dini ibadətindən tutmuş törətdikləri cinayətlə bağlı çeşidli hüquqları bu qanunun predmeti kimi ehtiva olunur. Bu layihənin əhəmiyyətini vurğulayarkən mən bir sıra məqamları xüsusilə qeyd etmək istəyirəm.
Layihənin 5.2 və 5.3-cü maddələrində təsbit olunan müddəaların bu layihədə öz əksini tapması, mən deyərdim ki, layihənin ən mühüm cəhətlərindəndir. 5.2-ci maddəyə görə tutulmuş şəxs şərti məhkumetmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli üçün 7 gündən, digər hallarda isə tutulma anından 48 saatdan artıq müddətə müvəqqəti saxlama yerlərində saxlanılmasının  qadağan olunması insan hüquqları baxımdan vacib bir məsələdir. Bundan başqa, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş insanların 24 saatdan artıq olmayaraq müvəqqəti saxlama yerlərində saxlanılması da çox mühüm bir məsələdir. Amma bilirik ki, hazırkı vaxtda da bu kimi qaydalar pozulurdu və bunlar da insanların haqlı narazılıqlarına səbəb olurdu.
Layihədə əksini tapmış 8.3-cü maddədəki müddəanın mən müstəsna bir əhəmiyyəti olduğunu qeyd etmək istəyirəm. Həmin maddəyə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün  şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülməsi birmənalı şəkildə qadağan olunur. Bilirik ki, praktikada əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis orqanları insanları müvəqqəti istintaq təcridxanasından müvəqqəti saxlama yerlərinə keçirirdilər ki, bu da son nəticədə haqlı narazılığa səbəb olurdu. İstintaq altında olan şəxsin özünün, onun  qohumları, vəkili tərəfindən haqlı şikayətlərə səbəb olurdu. Layihədə bu halın birmənalı şəkildə qadağan olunması, mən düşünürəm ki, çox böyük əhəmiyyətə malikdir.
Bu layihənin Azərbaycan qanunvericiliyi üçün, ələlxüsus cinayət-prosessual qanunvericiliyin daha təkmilləşdirilməsi və tamamlanması baxımından əhəmiyyətini, birinci oxunuşdan sonra üzərində aparılan çox böyük təkmilləşdirmə və hüquqi səqilə-sahman işlərini nəzərə alaraq hörmətli həmkarlarımdan xahiş edirəm ki,  layihənin qəbul olunmasına səs versinlər. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, dəyərli həmkarlar, mən də bu qanun layihəsinə səs verəcəyəm. Layihə ilə bağlı bəzi fikirlər var ki, bunları sizin diqqətinizə çatdırmaq istəyirdim. 20 illik müstəqilliyimiz dövründə Milli Məclisdə qəbul edilən qanunvericilik aktları həm dövlət, həm ölkə, həm də cəmiyyət quruculuğu prosesinə yönəldilmişdir. Əgər ilk illərdə dövlət quruculuğu prosesi ilə bağlı qanunvericilik aktları çoxluq təşkil edirdisə, sonrakı dövrdə ölkə quruculuğu ön planda idisə, indi, xüsusilə son iki ildə qəbul edilən qanunvericilik aktlarının əksəriyyətində biz  yeni cəmiyyət quruculuğu prosesində çox önəmli addımlar atıldığını görürük. Daha şəffaf, açıq, humanist və hüquqi dövlətin tələblərinə cavab verən cəmiyyət quruculuğu prosesinin getdiyini görürük.
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun layihəsi də bu qəbildən olan bir qanunvericilik aktıdır. Burada da insan hüquqlarının qorunması baxımından ən zəif halqanın qanunlarının qorunmasından söhbət gedir. Bu yerdə mən xatırlatmaq istəyirəm ki, 2011-ci il 27 dekabrda “İnsan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyinin artırılması haqqında” Milli Fəaliyyət Proqramı haqqında cənab Prezidentin sərəncamı var idi. Orada da ilk maddədə bu qanunun qəbul edilməsi göstərilmişdi. Bu gün həmin qanunun layihəsinin müzakirəsini aparırıq.
Məndən öncə çıxış edən həmkarlarım da qeyd etdilər, bu olduqca humanist bir qanun olacaqdır. Qanun layihəsində mənim də çox diqqətimi çəkən, müsbət mənada dəyərləndirdiyim maddələr II fəsildəki 19.2 və 19.3-cü maddələrdir. Burada tutulmuş şəxslərin vəkil olmadan dindirilməsi və yaxud vəkil olmadan dindirildikdə verdiyi ifadələrdən hüquqi sübut kimi istifadə edilməməsi məsələsi əksini tapmışdır.
21-ci maddədə tutulan şəxslərin maddi-məişət təminatı göstərilir. 21.2-ci maddədə göstərilir ki, həbs yerlərində yaşayış sahəsi norması dörd kvadratmetrdən az ola bilməz. Tutulmuş şəxs fərdi çarpayı və sair ilə təmin edilməlidir. Bilirsiniz ki, bütövlükdə bu, postsovet məkanında ən problemli sahələrdən biri idi. Artıq qanunvericilik səviyyəsində bu problemlərin qarşısı alınır. Təbii ki, bu çox müsbət bir haldır.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, layihənin dili ilə bağlı mənim bəzi iradlarım var. Məsələn, 3.1-ci maddədə deyilir: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən...”, “Cinayət prosesini həyata keçirən orqan”, başa düşürəm, hüquqi və artıq oturuşmuş termindir. Mənə elə gəlir ki, burada fikir düzgün ifadə olunmur. Burada belə yazmaq olardı: “bu məcəllənin tələblərini həyata keçirən” və yaxud “Cinayət-Prosessual Məcəllənin uyğun tələblərini həyata  keçirən orqanlar tərəfindən”. Həmin maddədən belə çıxır ki, cinayət prosesini həyata keçirən, yəni cinayəti törədən şəxs nəzərdə tutulur.
15.1.1-ci maddədə deyilir: “həbs yerinə gətirildikdən dərhal sonra ailəsinə və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərə...” Bu cür qəribə cümlələr var.  Mənə elə gəlir ki, bunu dəyişdirmək və belə yazmaq olardı: “Həbs yerinə gətirildikdən dərhal sonra ailəsi və əlaqə yaratmaqda qanunla maraqlı olduğu şəxslərlə telefon və digər vasitələrlə əlaqə yaradılması təmin edilməlidir”. Bu qəbildən olan faktlar var. Mən fikirləşirəm ki, bunların da düzəldilməsinə ehtiyac var. Hüquq termini məsələsi bütün cəmiyyətlərdə problemdir, hətta inkişaf etmiş cəmiyyətlərdə belə.
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli Ziyafət müəllim, əslində, mənim çıxış etmək fikrim yox idi, lakin çıxışlarda bəzi fikir ayrılıqlarının ortaya çıxdığı özünü göstərdi. Qanun layihəsi həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqındadır. Yəni belə demək mümkündürsə, lap sadəcə, müvəqqəti saxlama yerlərinə düşən adamların hüquq və azadlıqlarından söhbət gedir. Lakin qanun layihəsinin içərisində buna uyğun gəlməyən nüanslar var. “Əsas anlayışlar”da məhkum olunmuş şəxsdən söhbət gedir. Burada anlayış kimi vermək, bunu qəbul etmək olar. Amma burada məhkum edilmiş şəxsdən söhbət getmir. Çünki məhkəmə hökmü verilməzdən əvvəlki dövrdən söhbət gedir. 9-cu maddə bunun tamamilə əleyhinədir.
9-cu maddədə nə deyilir? “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş...” Bu o deməkdir ki, artıq məhkəmə qərarı var. Məhkəmə qərarına uyğun olaraq şəxs ya müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilir. Bu qanun layihəsində isə həbs yerlərində saxlanılan, yəni haqqında məhkəmə hökmü  çıxarılmayan adamların hüquq və azadlıqlarından söhbət gedir. Ona görə bu maddəyə, elə bilirəm ki, diqqət yetirilməlidir. Bu maddədə məhkəmə qərarından sonra həyata keçirilən tədbirlərdən bəhs edilir. Hörmətli deputatlarımızın bəziləri çıxışlarında buna aydınlıq gətirdilər, bəziləri isə bunun olmadığı haqqında fikir yürütdülər. Mənə elə gəlir ki, bu maddəyə yenidən baxmaq lazımdır. 
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Bununla da çıxış etmək istəyən deputatlarımızın siyahısı yekunlaşdı. Mən icazənizlə Çingiz Qənizadəyə söz vermək istəyirəm. Çingiz müəllim, buyurun, deyilən fikirlərə, iradlara, qeydlərə, tənqidlərə münasibət bildirin, sonra biz səsverməni apararıq.
Ç.Qənizadə.  Təşəkkür edirəm. İlk öncə mən qeyd etmək istəyirəm ki, hörmətli həmkarlar, bu qanun layihəsi üzərində işlənərkən 25-dən çox beynəlxalq sənədlərə, o cümlədən konvensiyalara, bəyannamələrə, digər qaydalara və sair istinad olunmuşdur. ATƏT-lə birlikdə bu məsələ müzakirə olunub. Eyni zamanda, milli qanunvericiliyimizin 13 qanunu, o cümlədən ali qanun – Konstitusiya ilə uzlaşdırılıb. Yəni kifayət qədər beynəlxalq sənədlərlə və yerli qanunlarla uzlaşdırılmış bir sənəddir. Həmkarlarımın təkliflərinə hörmətlə yanaşırıq və biz bunları qeyd etmişik. Yəqin ki, komitə iclasında bir daha müzakirə edəcəyik.
Birinci, Fazil müəllim çıxışında soruşdu ki, 10.1-ci maddədə qeyd olunan “hazırlıqlı” nə deməkdir? Burada müəyyən peşə hazırlığı, fiziki hazırlıq və digər hazırlıqlar nəzərdə tutulur? Qanun layihəsində güc tətbiq etmədən vasitələrin tətbiq edilməsindən və sair söhbət gedir. Əgər müəssisənin əməkdaşı qandaldan istifadə edə bilməyəcəksə, gələcəkdə onun həyatına təhlükə olarkən özünü müdafiə etmək üçün zəruri fiziki hazırlığı yoxdursa, təbii, onun həmin müəssisədə işləməyi məqsədəuyğun deyil. Hesab edirəm ki, bu baxımdan layihəyə salınıb. Onların da hazırlıqlı olmaları üçün müəyyən kurs və hazırlıqlar keçmələri digər qaydalarla tənzimlənir. Fazil müəllimin 12.1.17-ci maddəyə əlavə etmək məsələsi – tutulmuş şəxsin valideynlərinin və qohumlarının dəfn mərasimində iştirak etməsi məsələsi bu qanun layihəsinin müzakirə predmeti ola bilər. Hesab edirəm ki, humanist addımdır. Amma burada törədilən cinayətin, irəli sürülən ittihamın ağırlığını nəzərə almaqla bu məsələyə başqa cür yanaşmaq olar. Hörmətli Fazil müəllim, 15.1.10-cu maddə, dini ayinlərin icrası ilə bağlı qeydinizi dediniz.
Mən qeyd edim ki, 24-cü maddədə dini ayinlərin icrası ilə bağlı ayrıca bənd var. Orada qeyd olunur ki, dini ayinlərin icrası orada digərləri üçün narahatlıq yaratmamalıdır. Bu gün bizim də, mənim də Demokratiya və İnsan Hüquqları Komitəsinin apardığı monitorinqlərdə bu nəticəyə gəlmişik, yəqin, ATƏT nümayəndələri də bunu dəfələrlə görüblər. Hazırda müvəqqəti saxlama yerlərində, o cümlədən istintaq təcridxanalarında dini ayinlərin icrası üçün ayrıca otaqlar təşkil olunubdur. Bu problem öz həllini tapıb. Həmçinin burada qaldırılan toy, nikah mərasimləri də, bayaq qeyd etdiyim kimi, dəfnlə bağlı məsələlər müzakirə oluna bilər.
Meyitin 30 gün müddətində saxlanılması ilə bağlı hesab etdik ki, ölmüş şəxsin  qohumu var və yaxud ailə üzvləri ezamiyyətdə, istirahətdə ola bilərlər. On gün müddətində onları məlumatlandırmaq qeyri-mümkündür. Bu baxımdan, meyitin adət-ənənələrlə, dini qaydada dəfni üçün 30 gün müddətin verilməsi normaldır. Bəzi həmkarlarım burada qeyd etdilər ki, meyitin müvəqqəti saxlanılma yerlərində saxlanılması problem yarada bilər. Hörmətli həmkarlar, meyit tibbi müayinədən sonra tibbi ekspertiza orqanlarının saxlama yerlərində saxlanılır. Bununla bağlı həbs və saxlanılma yerlərinin  məsul şəxsləri üçün hər hansı bir problem yaradılmır.
Elmira xanımın çıxışı ilə bağlı həmkarlarım qeydlərini dedilər. Əvvəla, “islah-əmək müəssisəsi” anlayışı artıq yoxdur, cəzaçəkmə müəssisəsi var. Bunları eyniləşdirmək olmaz. Çıxış edən həmkarlarımdan biri də dedi ki, həbs və yaxud da saxlanılma yerlərini cəzaçəkmə müəssisələri ilə qarışdırmamalıyıq. Amma bayaq səhv etmirəmsə, İsmayıl müəllim qeyd etdi ki, burada azacıq da olsa, haqqında hökm çıxarılmış şəxslərin hüquq və azadlıqlarından söhbət gedəcək. Onlar kimlərdir? Bilirsiniz, müəyyən şəxslər var ki, onlar cəza aldıqdan sonra cəzanın həddinə uyğun olaraq təsərrüfat işlərini görmək üçün istintaq təcridxanalarında  qalmağa öz ərizələri ilə razı olurlar. Onlar müəyyən işləri orada həyata keçirirlər. Bu baxımdan istintaq təcridxanasının bilavasitə binasında yerləşdiyi üçün müəyyən qanunların da onlara şamil olunması nəzərdə tutulur. Bu o demək deyil ki, cəzaçəkmə müəssisələrində olan məhbusları onlarla eyniləşdirmək lazımdır.
Təhsil hüququ haqqında Elmira xanım qeydini dedi. Həbs yerlərində və istintaq təcridxanalarında saxlanılarkən saatlardan və az müddətdən söhbət getdiyi üçün mən hesab edirəm ki, təhsil üçün yox, onların normal informasiya əldə etmələri, qəzet, jurnallara abunə olmaları üçün şərait yaratmalıyıq. Bu baxımdan, hesab edirəm ki, həmin şəxslərə təhsillə bağlı hər hansı məsələnin aid edilməsi düzgün olmazdı.
İkinci, İlyas müəllim qaldırdığı məsələləri yazılı surətdə də təqdim etdi, ona təşəkkürümüzü bildiririk. İlyas müəllim, 19.3-cü maddə ilə bağlı qeyd etdiniz ki, Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən ziddiyyətlər təşkil edir. Mən çıxışımda qeyd etdim ki, hörmətli həmkarlar, bu qanunun qəbulundan sonra Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi labüd olacaqdır. Şübhəsiz ki, biz bu  qanuna yenidən baxacağıq. Ona görə bu gün layihə ilə hazırda qüvvədə olan Cinayət Məcəlləsi arasında ziddiyyət təşkil edən məqamlar, mənə elə gəlir ki, sizi bir o qədər narahat etməməlidir. 39.5-ci maddədə “gündən  gün” sözləri ilə bağlı İlyas müəllimin iradı, qeyd etdim ki, haqlıdır. “Müəyyən olunduğu gündən gün ərzində” yox, “24 saat müddətində” yazmaqla bu məsələni tənzimləyə bilərik.
Qüdrət müəllimin narahatlığı təcridxanaların MTN-dən alınması və vahid istintaq təcridxanasının yaradılması ilə bağlıdır. Bu, maksimum proqramdır. Amma bu gün hələlik müzakirələr zamanı ortaya çıxan bəzi məsələlər və dövlətin milli maraqları bizə imkan verir ki, məsələ layihədəki kimi qalsın. Biz beynəlxalq təcrübəyə və Avropa ölkələrində qəbul edilmiş qaydalara, bəyannamələrə istinad edirik, onlarda da bu variant var. Bu baxımdan məsələnin gələcəkdə Qüdrət müəllimin dediyi kimi həllinə mən də gələcəkdə tərəfdar olacağam. Amma daxili intizam qaydalarının Milli Məclisdə müzakirə olunması məsələsi açıq qalır. Bunun üçün biz çox güman ki, müvafiq orqanlarla, bayaq çıxışımda qeyd etdiyim Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri ilə danışıqlarımızı davam etdirməliyik. Layihənin üçüncü oxunuşuna qədər bu məsələ ilə bağlı fikrimizi bildirərik. Qüdrət müəllimin qeyd etdiyi təhlükəsizlik kameraları, pulların tutulması məsələsinə də, hesab edirəm ki, növbəti oxunuşda aydınlıq gətiriləcəkdir.
Burada Rafael müəllimin elə bir fikri olmadı. Amma səhv etmirəmsə, 7 gün haqqında təklif verdi, buna baxarıq.
Sahib Alıyev dillə bağlı iradlarını bildirdi. Fasilə zamanı komitə sədri Əli müəllimlə də müzakirələr apardıq. Biz təklif etmək istəyirdik, yaxşı oldu ki, yada salındı. Mən çox xahiş edirəm ki, dillə bağlı kimin iradı varsa, bu haqda fikirlərini yazılı şəkildə komitəyə təqdim etsin. Biz layihənin dilini hüquq terminlərinə uyğunlaşdırmaqla, səlis dildə olmasını, başa düşülməsini təmin edə bilərik.
“Əlaqəsi onun üçün maraq doğuran digər şəxslər” dedikdə, təbii, qanuni əlaqələrdən söhbət gedir. Həbs olunmuş şəxsin haradasa yaşayan onuncu dərəcəli qohumlarından və sair söhbət getmir, bu işlə bağlı şəxslərdən söhbət gedir. İsmayıl müəllim dedi ki, 9-cu maddədə məhkum olunmuş şəxslərdən bəhs edilir, indi bunu ayrıca deyəcəyəm, məhkum olunmuş şəxslər anlayışını mən verdim. Bayaq dediyim kimi, barəsində hökm çıxarılmış məhkum olunmuş  şəxslərin istintaq təcridxanasında işləməsi nəzərdə tutulur. Bu da çox azacıq bir kontingentdir.
Amma 9-cu maddədə müəyyən müddət azadlıqdan məhrumetmə və  ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına köçürülmələri göstərilir. Bu şəxs cəzaçəkmə müəssisələrində olsa belə, qanun layihəsində deyildiyi kimi, təqsirləndirilən və ya şübhəli şəxs qismində və yaxud da hansısa bir cinayət işində şahid qismində keçməsi ilə bağlı istintaq və məhkəmə üçün lazım olduqda 2 ay və ya zəruri hallarda 4 ay və yaxud da məhkəmənin getdiyi dövr üçün cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına köçürülə bilər. Artıq cəzaçəkmə müəssisəsində istintaq təcridxanasında saxlanan şəxs statusunda bu qanun layihəsində nəzərdə tutulan bütün hüquq və azadlıqlardan istifadə edə biləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm. Bir daha deyirəm ki, komitə bütün təklifləri yazılı şəkildə qəbul etməyə hazırdır.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim, təşəkkür edirəm.  Hörmətli deputatlar, indi isə səsvermə keçirməliyik. Qanun layihəsi, qeyd etdiyim kimi, 50 maddə, 4 fəsildən ibarətdir. Ona görə, xahiş edirəm, preambula da daxil olmaqla, I fəslə, 1-ci maddədən 13-cü maddəyə qədər münasibətimizi bildirək. 

Səsvermənin nəticələr (saat 17.51 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. II fəslə, 14–32-ci maddələrə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.52 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. III fəslə, 33–47-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.52 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Nəhayət, IV fəslə, 48–50-ci maddələrə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.53 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Nəhayət, ikinci oxunuşun tələblərinə müvafiq olaraq  qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 


EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

14 fevral 2012-ci il.
———
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyə təsisatının təkmilləşdirilməsi və bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün atılan addımlar, mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün görülən tədbirlər ölkəmizdə yerli özünüidarənin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Ölkəmizdə bələdiyyə institutunun nisbətən yeni olması və yerli özünüidarəçilik vərdişlərinin hələ kifayət qədər möhkəmlənmədiyi bir şəraitdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi bu orqanların fəaliyyətinin səmərəliliyinin artırılmasında vacib rol oynayır.
Ədliyyə Nazirliyinin təqdim etdiyi illik məruzənin təqdimatından görünür ki, 2010-cu ildə olduğu kimi, 2011-ci ildə də bələdiyyələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı xeyli işlər görülmüşdür. Bununla bağlı, məruzədən göründüyü kimi, bələdiyyələrin bir hissəsi hələ də öz fəaliyyətini bələdiyyə institutu statusuna uyğun surətdə qura bilməmiş və eyni bələdiyyələr tərəfindən buraxılan səhvlərin təkrarlanması və bəzən də cinayət məsuliyyəti daşıyan pozuntulara yol verilməsi 2011-ci ildə də davam etmişdir.
Məruzədə yer almış hüquq pozuntularının təhlili göstərir ki, yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri tərəfindən maliyyə vəsaitinin qanunsuz xərclənməsi, pul vəsaitinin yerli büdcəyə mədaxil edilməməsi və mənimsənilməsi, torpaqların normativ qiymətdən aşağı və bazar qiymətləri nəzərə alınmadan satılması və ya icarəyə verilməsi, qanunla mülkiyyətə verilməsi qadağan olunan torpaq sahələrinin – örüş yerlərinin, meşə fondunun, mühafizə zolağında yerləşən, bələdiyyə mülkiyyətinə aid olmayan torpaqların satışı, bələdiyyə əmlakının qanunsuz satılması, bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq təkbaşına qərarların verilməsi kimi hallar xarakterik olmuşdur.
Bütün deyilənləri ümumiləşdirməklə, belə nəticəyə gəlmək olar ki, bələdiyyələrin fəaliyyətində sistem xarakterli problemlər mövcuddur. Sistem xarakterli problemlər isə yalnız nəzarət mexanizminin fəallığı ilə deyil, eyni zamanda, həmin problemləri doğuran səbəblərin araşdırılması və onların aradan qaldırılması üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi ilə aradan qaldırıla bilər.
Müşahidələr əsasında demək olar ki, bələdiyyələrin qanunla onlara şamil olunan səlahiyyətlərindən və potensiallarından hər yerdə və həmişə lazımınca istifadə edə bilməmələrinin bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Onlardan bəzilərinin üzərində dayanmaq istərdim.
Bəzi hallarda yerli özünüidarə orqanlarına seçilmiş vətəndaşlar hüquqi, iqtisadi biliklərinin və təşkilati bacarıqlarının kifayət qədər olmaması səbəbindən rastlaşdıqları problemləri həll etməkdə çətinlik çəkirlər.
İlk növbədə belə halların aradan qaldırılması üçün hər bələdiyyə seçkilərindən dərhal sonra ilk dəfə seçilən bələdiyyə üzvləri ilə intensiv treyninqlərin keçirilməsi və bələdiyyə institutunun səmərəli fəaliyyətinə dair qabaqcıl təcrübənin bələdiyyə üzvlərinə öyrədilməsi faydalı ola bilərdi.
Bir çox hallarda bələdiyyə orqanının ərazidə yaşayan əhaliyə göstərməli olduğu xidmətlər üzrə funksiyalarını həyata keçirməsi üçün zəruri maddi-texniki bazası yoxdur və ya çox zəifdir. Bəzi bələdiyyə orqanlarına, xüsusən kənd bələdiyyələrinə daxil olan vergilərin həcmi heç bələdiyyə üzvlərini minimum maaşla təmin etməyə belə çatmır.
İlkin olaraq zəruri maddi-texniki bazanın yaradılması və bələdiyyə büdcəsinin formalaşma mənbələrinin genişləndirilməsi üçün müvafiq qərarların qəbul olunmasına ehtiyac vardır.
Bəzi hallarda ərazi üzrə digər icra qurumları tərəfindən görülməli olan işlər vaxtında və keyfiyyətli görülmədiyindən bələdiyyənin öz səlahiyyətlərini qanunauyğun şəkildə və ya səhvə yol vermədən həyata keçirməsi mümkün olmur. Məsələn, torpaq islahatının aparılmasından 15 ildən artıq vaxt keçməsinə baxmayaraq, bəzi bələdiyyələrdə vətəndaşların bir hissəsi hələ də onların mülkiyyət hüququnu təsdiq edən dövlət aktlarını ala bilməmişlər. Bəzi bələdiyyələrin hətta özlərinə aid torpaq sahələrinin dəqiq və aydın konturları hələ də məlum deyil. İcra strukturları ilə bələdiyyə orqanları arasında fəaliyyətin ahəngdarlığını təmin edən qarşılıqlı münasibətlər sisteminin formalaşdırılmasına ehtiyac var.
Bu və digər səbəblərin ölkə miqyasında öyrənilərək ümumiləşdirilməsi və onların aradan qaldırılmasına yönələn hüquqi, iqtisadi, institusional və sair xarakterli kompleks tədbirlər planının işlənib hazırlanması və tətbiqi yerli idarəçilik sisteminin təkmilləşdirilməsi baxımından zəruridir.
İdarəetmə sisteminin vacib tərkib hissəsi kimi bələdiyyələrin demokratiyanın inkişafında, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında rolunu getdikcə artırmaq üçün nəzarət mexanizminin və dövlət dəstəyinin səmərəli formalarının birgə tətbiqi bələdiyyə institutunun daha sürətli inkişafını təmin edə bilər.
Bütövlükdə təqdim olunan məruzəni müsbət qiymətləndirirəm və onun əsas kimi qəbul edilməsinə səs verəcəyəm.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU