01.05.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  40

Mill Məclisin  iclas  salonu.
1  may  2012-c il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin
Sədr O. Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 105
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Kamran İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Şuşa şəhərinin işğalının 20 illiyi haqqında.
2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azay Quliyev, Səməd Seyidov, Fuad Muradov, Çingiz Qənizadə, Fəzail İbrahimli, Əli Əhmədov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Mübariz Qurbanlı, İqbal Ağazadə

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 109
Nəticə: Qəbul edildi

1. Şuşa şəhərinin işğalının 20 illiyi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Bahar Muradova, Fəzail Ağamalı, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Aydın Mirzəzadə, Mübariz Qurbanlı, Aqil Abbas, Xanhüseyn Kazımlı, Siyavuş Novruzov, Qənirə Paşayeva, Sahibə Qafarova, Gövhər Baxşəliyeva, Fərəc Quliyev, Astan Şahverdiyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Leyla Abdullayeva, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi


5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyad Səmədzadə, Əli Hüseynli, Siyavuş Novruzov, Fuad Muradov, Hikmət Atayev, Ziyafət Əsgərov, İlham Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

6. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Hikmət Atayev, Jalə Əliyeva, Fazil Mustafa, Bahar Muradova, Leyla Abdullayeva, Tahir Rzayev, Elmira Axundova, Siyavuş Novruzov,  Kamran İmanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1  may  2012-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.06 dəq.)
İştirak edir  105
Yetərsay  83

Yetərsay var. İclasımıza başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. 6 məsələmiz var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)
Lehinə  107
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2
İştirak edir  109
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi. Sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, yazılın. Buyursun Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən istərdim, mühüm bir məsələyə toxunam. Bilirsiniz ki, son zamanlar bəzi mətbuat orqanlarında Azərbaycan ictimaiyyətinin Almaniya mətbuatında gedən bir sıra məlumatlarla əlaqədar keçirdiyi narahatçılıq şərh edilir və bu barədə yanlış mülahizələr verilir. Guya Azərbaycanda Almaniya dövləti, hökuməti əleyhinə xüsusi təbliğat aparılır. Hesab edirəm, bu əsla belə deyil.
Bilirsiniz ki, bir neçə gün öncə biz, 4 nəfər deputat – Rövşən Rzayev, Çingiz Qənizadə, Aydın Abbasov və mən Almaniyada olduq. Bundestaqda çox mühüm və maraqlı görüşlər keçirdik. Demək olar ki, Bundestaqın əsas, aparıcı fraksiyalarının nümayəndələri ilə, QHT və mətbuat təmsilçiləri ilə çox faydalı görüşlərimiz oldu. Orada biz açıq şəkildə qeyd etdik ki, Almaniya Azərbaycan üçün çox yaxın dost, tərəfdaş ölkədir və biz, hər iki ölkə olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməkdə çox maraqlı olmalıyıq. Onu da vurğuladıq ki, Azərbaycan Almaniya üçün həm də ticarət tərəfdaşıdır və təsadüfi deyil ki, keçən il 2 milyard avrodan çox ticarət dövriyyəmiz olub. Eyni zamanda, biz Almaniyanın Azərbaycana bir çox hallarda dəstəyini də hiss etmişik. Xüsusilə 2009-cu ildə Bundestaqın Dağlıq Qarabağla bağlı məlum qətnaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə dəstəklənibdir.
Amma təəssüflər olsun ki, Almaniya mətbuatında yer alan bəzi yazılar, bəzi qüvvələrin təqdim etdiyi məlumatlar birtərəfli və qərəzli məlumatlardır. Biz Azərbaycan tərəfi olaraq heç də açıq dialoqa və faktları özündə əks etdirən tənqidə etiraz etmirik. Biz həmişə bu tənqidlərdən faydalanmışıq. Amma təbii ki, faktlar təhrif olunursa, xüsusilə Eurovision ilə bağlı yalan və iftiralarla Azərbaycana qara yaxmaq, Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək cəhdləri göstərilirsə, əlbəttə, bu bizi narahat etməyə bilməz. Biz bu fikirlərimizi açıq şəkildə alman ictimaiyyətinə və Almaniyada olan həmkarlarımıza bildirdik.
Ona görə də mən çox istərdim ki, bizdə bu gedən məlumatlara, yazılara bu cür səthi yanaşılmasın. Heç bir halda Azərbaycan ictimaiyyətinin narazılığı və narahatçılığı Almaniya dövlətinə və hökumətinə qarşı olan narazılıq kimi ifadə olunmasın. Bizim narahatçılığımız orada olan bir sıra qüvvələrin, xüsusilə Yaşıllar fraksiyasının Azərbaycanla bağlı dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlar yayması ilə bağlıdır ki, biz də bu narahatçılığımızı orada ifadə etmişik. Hesab edirəm ki, bu gün bu cür məlumatlar Azərbaycan və Almaniya dostluğunun ümumi ruhuna ziddir və biz belə məlumatlardan, belə informasiya müharibəsindən çəkinməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən istəyirəm ki, AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov sessiya haqqında bizə qısa bir məlumat versin. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Biz bir neçə gün bundan əvvəl Avropa Şurasının növbəti sessiyasında iştirak etdik və AŞPA-nın gündəliyində olan məsələlərlə yanaşı, ənənəvi olaraq Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərimizlə bağlı məsələləri də Avropa deputatlarının diqqətinə çatdırdıq.
Siz bilirsiniz ki, Avropa Şurasında Dağlıq Qarabağla bağlı məsələlərdə ciddi fəaliyyət göstərən Azərbaycan nümayəndə heyətinin üzvləri Avropanı maraqlandıran, düşündürən bütün başqa sahələrlə də maraqlanır və bu müzakirələrdə yaxından iştirak edirlər. Təbii ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət də Avropa Şurasının diqqətindədir. Biz bunu çox normal, təbii bir hal hesab edirik. Lakin bu prosesin içərisində bəzi insanlar, bəzi qüvvələr öz maraqlarını ortaya qoymaq fikrindədirlər. Söhbət AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi cənab Kristofer Ştrasselin Azərbaycanla bağlı mövqeyindən gedir.
Hörmətli millət vəkilləri çox gözəl bilirlər ki, vaxtilə Azərbaycanda siyasi məhbus adı altında qəbul olunmuş sənəd bir müddətdən sonra Azərbaycan tərəfindən yox, Avropa Şurası tərəfindən dəyişdirilmiş və başqa tərzdə, siyasi məhbuslar məsələsinə baxış adı altında dərc olunmuşdu. Bu sənəddə, ümumiyyətlə, Avropa Şurasına üzv ölkələr deyil, tək Azərbaycan hədəf götürülmüşdü. Halbuki insan haqları problemləri yalnız Azərbaycanda yox, Azərbaycanın qonşuluğunda olan ölkələrdə, Avropa Şurasına daxil olan bütün ölkələrdə mövcuddur və bu sahədə əsl mənzərəni üzə çıxarmaq üçün yalnız bir ölkədə insan haqları problemlərini araşdırmaq ən azı obyektivlikdən uzaq nəticə əldə etmək deməkdir.
Bu sessiyada biz yenə bu məsələyə qayıtdıq. Biz Avropa Şurasına və birbaşa cənab Ştrasselə bir neçə dəfə məktub göndərdik ki, Azərbaycan bu məsələni müzakirə etmək üçün hazırdır və biz Sizi bunun üçün Azərbaycana dəvət edirik. Ancaq təəssüflər olsun ki, bu sessiyada mənim onunla görüşüm zamanı, – o görüşdə komitə sədri də iştirak edirdi, – cənab Ştrassel yenə də “mən Azərbaycanda yalnız siyasi məhbuslarla bağlı vəziyyəti araşdıracağam və Azərbaycana yalnız bu mandatla gələcəyəm” sözlərini təsdiqlədi.
Bu bizim üçün qəbulolunmazdır. Ən azı ona görə ki, mənim əlimdə bax bu sənəd var. Bu sənəd dünyada qəbul olunmuş Helsinki Assosiasiyası təşkilatının 2012-ci ildə Ermənistanla bağlı dərc edilmiş hesabatıdır. Bu hesabatda Ermənistanın bu saat həbsdə olan 55 vətəndaşının adı çəkilir. Bunlar həmin təşkilat tərəfindən siyasi məhbus, vicdan məhbusu kimi tanınmış insanlardır. Kimlərdir bunlar? Bunlar Dağlıq Qarabağa Ermənistan tərəfindən göndərilmiş, ancaq əsgərlikdən imtina etmiş insanlardır. Bunların hamısı bu saat Ermənistanda həbsxanalardadırlar. Bunların biri ilə də maraqlanmaq istəməyən, yalnız Azərbaycanda siyasi məhbus axtarmaq fikri ilə ölkəmizə gəlmək niyyətində olan şəxs, təbii ki, bu məsələyə obyektiv yanaşma nümayiş etdirə bilməz. Mən bu gün çox sevinirəm ki, AŞPA-nın İnsan hüquqları komitəsində Avropa Şurasının əksər deputatları Azərbaycanın mövqeyini dəstəklədilər və həmin şəxsə müraciətlə bildirdilər ki, məsələyə belə yanaşmaq, yalnız Azərbaycanı hədəf seçmək, yalnız Azərbaycanla bağlı mülahizələr irəli sürmək olmaz. Ancaq hələ ki bu problem durur. Ona görə bizim obyektiv mövqeyimiz Avropa Şurasının rəhbərliyinə çatdırılır və bundan sonra da çatdırılmalıdır.
Lakin problem ondadır ki, bəzi Avropa ölkələrində məsələ ilə bağlı düzgün məlumatı olmayan şəxslər, bəzi jurnalistlər bundan istifadə edib Azərbaycanı hədəf seçirlər. Mən hesab edirəm ki, biz faktları həm jurnalistlərə, həm də geniş ictimaiyyətə çatdıraraq həqiqəti ortaya qoymalıyıq. Azərbaycan öz öhdəliklərini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan hər bir kəsi qəbul etməyə, insan haqları, demokratiya, qanunun aliliyi məsələlərini müzakirə etməyə həmişə hazırdır və bundan sonra da hazır olacaq. Ancaq Azərbaycan onu hədəf kimi seçmiş hansısa insanların qərəzli, ədalətsiz münasibətini qəbul etməz. Bu bizim mövqeyimizdir və mən xahiş edirəm, bunu dəstəkləyəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Sizin sözünüzə qüvvət, cənab Ştrassel bir neçə nəfərlə birlikdə çağırış edib ki, Ukraynada keçirilən sammitdə, Belarusda keçirilən xokkey çempionatında bir çox ölkələrin nümayəndələri iştirak etməsinlər. Deyir, mən istəyirəm ki, Azərbaycanda keçiriləcək Eurovisionu da bəzi rəhbərlər boykot eləsinlər. Bu onun səviyyəsi, bu onun Azərbaycana göstərdiyi qərəz. Almaniyadan gələn ombudsman da Azərbaycanda keçiriləcək Eurovisionu boykot etməyə çağırır. Bunlar yüz minlərcə, milyonlarca insanın hüquqlarını pozurlar. Eurovisionun keçirilməsi bir yana qalsın, bunlar bir milyon qaçqın haqqında bir kəlmə danışmırlar. Biriki adamın məsələsini insan haqları adı ilə əllərində bayraq edib Azərbaycana təzyiq göstərirlər. Bu bizim hamımıza məlumdur. Hər bir ağlı başında, savadlı insan bilir ki, bu çağırışların kökündə nə dayanır. Fuad Muradov buyursun.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bir neçə gün bundan öncə gimnastika üzrə dünya kuboku yarışları keçirilmiş və orada ilk dəfə olaraq Aliyə Qarayeva qızıl medal qazanmışdır. Mən onu ürəkdən təbrik edirəm. Ümumiyyətlə, Azərbaycana qələbə yaraşır. Azərbaycan qələbə ilə yaşayır. Təəssüflər olsun ki, bunu həm xaricdə, həm də daxildə istəməyən qüvvələr vardır. Amma biz öz işimizi davam etdiririk.
Siz çox düzgün buyurdunuz ki, bir neçə vaxtdır hansısa qüvvələr idman, mədəniyyət və incəsənətlə bağlı olan beynəlxalq səviyyəli müxtəlif tədbirləri boykota çağırır. Bunlardan soruşan gərək ki, bəyəm siz bu tədbirləri bizim boynumuza öhdəlik kimi qoymusunuz? Biz Eurovisiona gedib qalib olmuşuq və bunu öz vətənimizdə istədiyimiz, bacardığımız qədər də yüksək səviyyədə təşkil edəcəyik. Biri deyir, boykot edirəm, biri deyir, gəlmirəm. Kim gəlmir özü bilər, kim gəlir xoş gəlir. Bizim heç kimin qarşısında öhdəliyimiz yoxdur.
Mən ancaq bircə şeyə təəssüf edirəm. Təəssüf edirəm ki, daxildə də bu məsələlərə belə yanaşanlar var. Axı Azərbaycanın qələbəsi bizim hamımızın qələbəsi, Azərbaycan xalqının qələbəsidir. Ümumiyyətlə, mən düşünürəm ki, biz bu istiqamətdə təbliğatımızı gücləndirməli, bu işləri davam etdirməliyik.
Burada Səməd müəllim çox düzgün vurğuladı. İnsanlar hansısa bir qeyri-hökumət təşkilatının yazdığı hesabat üzrə öz mövqeyini formalaşdırır. Bu da onların başa düşdüyü yanaşmadır. Azərbaycanda dövlət qurumlarının da, nüfuzlu beynəlxalq təşkilatların da hesabatları var. Onların əsasında fikir müəyyənləşdirmək lazımdır. Almaniyanın ombudsmanı cənab Markus Löning Azərbaycanla bağlı müxtəlif fikirlər söyləyib. Amma Xocalı qətliamından, Şuşanın işğalından 20 il ötməsinə, bir milyon insanın hələ də qaçqın və məcburi köçkün taleyi yaşamasına baxmayaraq, bu onu narahat etmir. Biz ondan soruşuruq ki, sən neçə ildir ombudsmansan, heç olmasa, bir dəfə ombudsman olaraq bu məsələləri hansısa beynəlxalq konfransda qaldırmısanmı?
Almaniya parlamentində – Bundestaqda Azərbaycanı istəyən, Azərbaycanın mövqeyini dəstəkləyən insanlar da çoxdur. Ona görə Almaniyanın Azərbaycana qarşı mövqeyini bir neçə insanın mövqeyinə görə müəyyənləşdirməməliyik. Mən düşünürəm ki, bizim qüvvəmiz, imkanlarımız da çoxdur. Biz bu işləri yüksək səviyyədə həyata keçirəcəyik. Bunun üçün, Azərbaycana qələbə yaşatmaq üçün hamımız bir olmalı, bir amal ətrafında birləşməliyik. Çox sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlarım, Azay müəllim Almaniyada baş verən proseslərə obyektiv qiymət verdi. Amma mən də nümayəndə heyətinin bir üzvü kimi bir neçə məsələyə toxunmaq istəyirəm. Mən hələ o problemlərin yaranmasından öncə müəyyən hadisələrin iştirakçısı və şahidi olmuşam. Almaniyada Bundestaqın 7 üzvü, o cümlədən Xarici əlaqələr komitəsinin sədri Ruprext Polenzlə görüş zamanı, təbii ki, biz mövqeyimizi bildirdik. Sərhədsiz Reportyorlar Təşkilatında, “Constituent Communication”də, “Şpigel” media holdinqində və sairələrdə biz nəyi müşahidə etdik? Biz müşahidə etdik ki, bu gün Almaniya və Azərbaycan mətbuatında gedən bu proseslər heç də Azərbaycan dövlətinin və Almaniya dövlətinin siyasi xətti deyil. Bu, yalnız ayrı-ayrı adamların, təşkilatların, siyasi qüvvələrin maraq dairəsindədir. Mən hesab edirəm ki, burada insan haqlarının axtarışından çox müəyyən şəxslərin siyasi maraqları durur.
Misal üçün, bir faktı qeyd eləyim. Sərhədsiz Reportyorlar Təşkilatında görüş zamanı bizə bildirildi ki, Azərbaycanda 5 nəfər jurnalist həbsdədir. Mən onlara söz verdim ki, biz bunu dəqiqləşdirərik. Artıq bu gün məlumat vermək istəyirəm, – yəqin ki, bu haqda mətbuata da açıqlama verəcəyəm, – həmin şəxslərin üçü narkotiklə bağlı həbs olunmuş şəxslərdir və onların, ümumiyyətlə, mətbuata aidiyyəti yoxdur. Biri dələduzluq faktı ilə həbs olunub. Sadəcə, saxta bir vəsiqə ilə cənub bölgəsində fəaliyyət göstərib. Mən sabah açıqlamamda da bildirəcəyəm ki, bu şəxslərin mətbuatla heç bir əlaqəsi yoxdur.
Orada onlar Zaur Quliyev adlı bir şəxslə bağlı mövqelərini bizə çatdıranda sual verdim ki, siz bu adama xəsarət yetirilməsini, zor tətbiq edilməsini hansısa bir videoda, fotoda görmüsünüzmü? Dedilər yox. Deyirəm, axı bu cür informasiyalara əsaslanmaqla, əslində, qərəzli mövqe nümayiş etdirirsiniz və həqiqətə uyğun olmayan bir məsələni qeyd edirsiniz.
Ştrassellə bağlı bir misal çəkim. Mən Ştrassellə Avropa Şurasında dəfələrlə görüşməyə cəhd eləmişəm. 3 ilə yaxındır ki...
Sədrlik edən. Xahiş edirəm, mikrofonu açın. Çox maraqlı xəbər verir. Qoy davam eləsin.
Ç.Qənizadə. Ştrassel Azərbaycan üzrə məruzəçi təyin olunan zaman biz, təbii ki, etiraz etdik və bildirdik ki, Ermənistanda prezident seçkiləri yeni qurtarıb, 10 nəfərdən yuxarı şəxs öldürülüb, 200-ə yaxın siyasi məhbus var. Nə üçün ancaq Azərbaycanda siyasi məhbus axtarırsınız?
Eyni zamanda, Ştrasselə birtərəfli təqdim olunan siyahıların dəqiqləşdirilməsi üçün mən və mənim təmsil olunduğum monitorinq qrupunun üzvləri – Novella xanım, Səidə xanım, Səadət xanım dəfələrlə Ştrassellə görüşməyə cəhd elədik. Hətta Ştrasselin oturduğu masanın nömrəsini və onun hansı qapıdan iclas zalına girəcəyini də müəyyənləşdirib orada dayandıq ki, onunla görüşək. Nəhayət, görüş verdi və qaçdı. Sonra biz öyrəndik ki, çıxıb gedib Almaniyaya. Strasburqdan Almaniyaya zəng elədik deyək ki, axı sən bizə görüş söz vermisən. Tapa bilmədik. Növbəti 3 aydan sonra biz bir daha bu cür hərəkət elədik və güc-bəla ilə onu 2-ci mərtəbədə olan kafedə tapa bildik. Dedik ki, gəlin siyahılar üzrə dəqiqləşdirmə aparaq, görək sizə verilən siyahılarda, həqiqətən, siyasi məhbuslar var, yoxsa yoxdur. Dedi, hələlik sənədlər toplayıram, növbəti görüşdə biz bunu eləyərik. Amma sonra da dəfələrlə bizimlə görüşlərdən qaçdı.
Bizim görüşməkdə məqsədimiz nə idi? Bayaq Səməd müəllimin qeyd elədiyi kimi, onlara təqdim olunan siyahılarda adları çəkilən məhbuslar, əsasən, dini radikal qruplaşmaların üzvləri və Azərbaycanda terror törətmiş təşkilatların üzvləridir. Mən görüşdə dedim ki, sizin əlinizdə olan siyahılardakıların böyük əksəriyyəti bu cür adamlardır. Bütün Avropa terrora qarşı mübarizə aparır, siz terrorçuları dəstəkləyirsiniz. Bütün Avropa faktlara söykənən məsələləri qaldırır, siz isə fərziyyələrlə bu siyahıları şişirdirsiniz. Ştrassel isə, sadəcə olaraq, işləmək istəməyən tənbəl deputatlardan biridir. Onlar da dedilər ki, Strassel bizim həmkar olduğu üçün onu dəstəkləyirik. Biz onun Azərbaycana getməsində maraqlıyıq. Amma Azərbaycanla bizim aramızda ciddi bir problem yoxdur. Görüş zamanı biz onlara xeyli sayda müvafiq sənədlər təqdim etdik.
Mən hesab edirəm ki, bu gün Almaniyada Azərbaycana qarşı təbliğat kampaniyasının başında onların insan hüquqları komissarı cənab Löning və Ştrassel, bir də ki çox kiçik müxalifət partiyası olan Yaşıllar Partiyasının bir neçə nümayəndəsi durur. Bizə bildirdilər ki, bu, Almaniyanın siyasi xətti deyil, biz, sadəcə olaraq, bu məsələ ilə bağlı mövqelərimizi bildirmişik. Amma onu da qeyd elədilər ki, həm Almaniyada, həm də Azərbaycanda bu məsələlərin şişirdilməsində, qızışdırılmasında maraqlı siyasətçilər və qəzetlər var.
Mən bir daha qeyd etmək istəyirəm ki, hər iki ölkənin dövlət siyasətində bir-birinə xoş münasibət qalır, amma təəssüf ki, həm orada, həm də burada bu məsələlər qızışdırılır.
Sədrlik edən. Çox sağ olun, maraqlı məlumat idi. Buyurun, Fəzail İbrahimli.
F.İbrahimli. Hörmətli Sədr, hörmətli deputatlar və dəyərli mətbuat nümayəndələri! Dünən Milli Məclisdə çox möhtəşəm bir beynəlxalq konfrans keçirildi. Beynəlxalq sahədə Milli Məclisin fəaliyyətinin növbəti göstəricilərindən biri olan bu konfransda Almaniya nümayəndəsinin çıxışı mənim diqqətimi özünə cəlb etdi. Onun çıxışında belə bir fakt səsləndi ki, Almaniyada hər il orta hesabla 20 min uşaq zorakılığa məruz qalır. Həmin anda mənim yadıma Almaniya Bundestaqının Yaşıllar fraksiyasının Azərbaycanla bağlı insan hüquqları məsələsini qaldırması düşdü. Nə üçün bu qrup öz ölkəsində bu qədər zorakılığa məruz qalan uşaqların deyil, Azərbaycanın dərdini çəkir?
Biz bu məsələni ciddi təhqiq edən, öyrənən zaman mən belə bir nəticəyə gəlmişəm, Yaşıllar fraksiyasının 16 nəfər üzvünü bir canlı orqanizmə bənzətsək, deyə bilərik ki, onun başı Avropa Şurasında Ştrasselin timsalındadır, quyruğu isə Azərbaycandadır. Azərbaycandakı bu quyruğa kimlər daxildir: genetik kodunda antiazərbaycan elementləri daşıyan insanlar, Azərbaycan sevgisi olmayan, müstəqillik haqqında düşünməyən, xaricdən maliyyə ilə yallanan qruplar, Azərbaycanda siyasi sabitliyin olmasını istəməyənlər, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzundan narahat olan qüvvələr.
Bəs bunların arxasında kim durur? Ştrassel elə-belə deyil ki, bu qədər canfəşanlıq edir, orada 16 deputatla əlaqəyə girib bu məsələni qaldırır. Bunların hamısının arxasında erməni lobbisi, erməni maliyyəsi durur. Bu hər hansı zaman kəsiyində baş verən hadisə deyil, sistemli şəkildə, daim Azərbaycana qarşı yönələn, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışan, demokratiya bayrağı altında mürtəce ideyalarını yeridən qüvvələrin əməlləridir. Ona görə hər bir Azərbaycan insanı bilməlidir, qarşımızda xristian ağuşunda oturan, güclü dövlətlərə söykənən məkrli bir düşmən var. Bu düşmən 200 ildən artıqdır başımıza güllə və qumbara yağdıraraq bizi nüfuzdan salmağa, tariximizi ləkələməyə çalışır. Biz bu düşmənə yalnız birgə mübarizədə qalib gələ bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Bu il Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü qeyd olunacaqdır. Mən buna, sadəcə, iki ölkə arasında diplomatik münasibətlər tarixi kimi yox, həm də dostluq, əməkdaşlıq münasibətlərinin tarixi kimi baxmaq istəyirəm. Amma təəssüf ki, Almaniyanın bəzi mətbuat orqanları və siyasətçiləri bu əlamətdar tarixi özlərinə məxsus şəkildə qeyd eləməyə hazırlaşırlar. Taktika olaraq seçilən üsul da Azərbaycana qarşı təbliğat kampaniyasından ibarətdir. Belə düşünürdüm ki, Almaniyanı Azərbaycanda təmsil eləyən səfir bu hadisələrin fövqündə dayanan bir taktika seçəcəkdir. Təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, o da bu taktikanın iştirakçılarından biri kimi özünü dərk edir və belə hərəkətlərə yol verir.
Almaniyanın bəzi mətbuat orqanları, siyasətçiləri Azərbaycana qarşı təbliğat kampaniyasında çox qəribə bir üsuldan istifadə edirlər. Guya Azərbaycan Avropanın ən hörmətli mahnı müsabiqəsindən bir vasitə kimi istifadə edərək imicini yaxşılaşdırmağa çalışır. Mən bilmirəm, burada qəbahət nədən ibarətdir? Əgər bu pis bir şeydirsə, niyə onda Almaniyanın bəzi mətbuat orqanları, siyasətçiləri, müəyyən dərəcədə Almaniyanın Azərbaycandakı səfiri də bu müsabiqədən bir vasitə kimi istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparır, Azərbaycanın imicini korlamağa çalışırlar? Əgər bu pis işdirsə, niyə eləyirlər, yaxşı işdirsə, niyə Azərbaycan hökumətinə rəva bilmirlər?
Digər tərəfdən, Azərbaycan hökumətini Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına, vətəndaşlarımızın evlərinin sökülməsinə görə də tənqid edirlər. Amma ən azından Almaniyanın Azərbaycandakı səfiri çox gözəl bilir ki, Azərbaycan hökuməti erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə insana evlər tikib. Azərbaycan hökuməti bu gün də öz vətəndaşları üçün evlər tikir və bundan ötrü milyonlarla vəsait xərcləyir. Bakı şəhərinin rekonstruksiyası ilə əlaqədar insanın yaşaması üçün yararsız olan evlərdən Azərbaycan vətəndaşlarının daha layiqli evlərə köçürülməsi məsələsinə gəlincə mən bilmirəm, nə zamandan insanın yaşamaq üçün yararsız olan evlərdən layiqli, yararlı, gözəl mənzillərə köçürülməsinə insanların evlərinin uçurulması adı verilib. Ona görə də mən Bakı Şəhəri İcra Hakimiyyətindən xahiş edərdim ki, rekonstruksiya tədbirləri ilə əlaqədar sökülmüş evlərin sahiblərinə verilən mənzillərin şəkillərini Almaniyanın Azərbaycandakı səfirinə göndərsin.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən Sizinlə razıyam, mənzil məsələsi, həqiqətən, çox şişirdilmiş məsələdir. Sökülən mənzillərə görə kvadratmetri 1500 manat hesabından kompensasiya verilir. Hamımız Azərbaycanda yaşayırıq və bilirik ki, Bakının mərkəzində mənzillərin hər kvadratmetrinin qiyməti 1000-1200 manat, kənarda isə 600 manatdan 800 manata qədərdir. Yəni bu pul həm ev tikməyə, həm də onu təmir etməyə bəs eləyir. Bunu xüsusən şişirdirlər, göstərirlər. Biz bunu bilirik. Bunları bir də təkrarlamayaq.
Ancaq əfsuslar olsun ki, bu məsələlərin kökü bir az dərindədir. Vaxtilə, yəni 1992–1993-cü illərdə Azərbaycanda Almaniyanın Fridrix Nauman Fondu adlı bir qeyri-hökumət təşkilatı fəaliyyət göstərirdi. Bu qeyri-hökumət təşkilatının o vaxt bir çox tərəfdarları da var idi. Bayaqdan bu məsələlərlə bağlı adlarını çəkdiyiniz adamların əksəriyyəti vaxtilə həmin o fondun Azərbaycandakı ekspertləri olublar. İndi biri hökumət vəzifəsi tutur, o birisi ombudsmandır və sairə. Yəni bu məsələlərin kökü bundan ibarətdir. Məlumdur ki, onlar Azərbaycana niyə belə münasibət göstərirlər. Ancaq mən qətiyyətlə deyirəm ki, Almaniya–Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Almaniya Bundestaqı 16 nəfərlik Yaşıllar fraksiyası demək deyil. Almaniya Bundestaqı ilk dəfə Dağlıq Qarabağ məsələsi üzrə qətnamə qəbul edən parlamentdir. Ona görə biz bu məsələlərə səthi yanaşmamalı, təhlil edib baxmalıyıq ki, kökü nədən ibarətdir.
Yaxşı, indi 3 nəfərə də söz verək, gündəlikdəki məsələlərə keçək. Çünki mən 10 dəqiqə vaxt ayırıb Səməd Seyidova söz verdim. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də elə bu məsələlərlə əlaqədar bir neçə fikrimi bildirmək istəyirəm. Təbii ki, burada söhbət Almaniya dövlətindən, alman xalqından getmir, Sizin qeyd elədiyiniz kimi, bizim yaxşı tanıdığımız bəzi qüvvələrdən gedir. O insanlar, qeyd olunduğu kimi, Fridrix Nauman Fondu vasitəsilə gəlib həm dolayısı ilə müxalifətin müəyyən partiyalarını maliyyələşdirir, həm də bu cür ekspertlər müəyyən məsələləri onlara öyrədib, qızışdırıb yola salırdılar ki, onun nəticələrini də biz görürük.
Burada Əli müəllim çox gözəl qeyd elədi ki, Almaniyanın səfiri deyir, mən Azərbaycanda sökülən evlərə laqeyd qala bilmirəm. Bəs Azərbaycanın işğal olunmuş ərazilərində vəhşicəsinə dağıdılan mədəniyyət obyektləri, qəbiristanlıqlar, məscidlər, evlər söküləndə bir dəfə niyə vicdanı oyanmır, səsini qaldırmır, Bundestaqda olan dostları vasitəsilə dünyaya car çəkmirdi ki, Azərbaycanda işğal olunan şəhər və kəndlər viran qoyulur, on minlərlə insan tələf olur, yüz minlərlə insan didərgin düşür?
Bu gün Almaniyada türklərə qarşı ciddi şəkildə kampaniya aparılır. Onların bəzilərinə qarşı qətllər törədilir. İslama qarşı kampaniya geniş miqyas alır. Mən bu gün Almaniyada aparılan antiislam kampaniyasından şəkilləri Milli Məclisə gətirmişəm. Məscid şəklinin üstündə xüsusi qadağa işarələri qoyur və bunu açıq şəkildə paytaxtlarında, ayrı-ayrı şəhərlərində yaymaqla özlərinin mövqeyini bildirirlər.
Bütün dinlər bərabərdir. Azərbaycana gəlsinlər, tolerantlığı öyrənsinlər, görsünlər ki, Azərbaycanda mühüm tədbirlərə bütün din rəhbərləri birlikdə gedir, bütün məsələləri bir yerdə həll edirlər.
Almaniya mətbuatında bizim bir neçə siyasi partiyanın, – mən partiya deməzdim, dərnəyin, – rəhbərlərinin məqalələrini verir və onlar da oxuculara Azərbaycan haqqında olmazın böhtanı, yalanı çatdırırlar.
Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdən sui-istifadə eləməyə çalışır, bizə irad tutur, boykot çağırışları edirlər. Almaniyada Eurovision keçiriləndə bizim də iradlarımız var idi. Biz bir çağırış elədik ki, elə olmasın, belə olsun? Orada o qədər insanlar var ki, viza sistemi ilə, başqa məsələlərlə əlaqədar problemlərlə qarşılaşırlar.
Bunlar məsələ qaldırırlar ki, Bakıda Eurovision keçirilməsin. Halbuki bu, Azərbaycanın haqqıdır, Azərbaycan bunu qələbəsi ilə qazanıb. Azərbaycanın bunu çox yüksək şəkildə keçirməsi bir çox dövlətləri, o cümlədən Ermənistanı və erməni lobbisini narahat edir. Ona görə bu gün Azərbaycana qarşı bu cür təxribatlara əl atırlar.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Ötən həftə Kolumbiya Senatı 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş hadisələri genosid kimi təsdiqləyən bir sənəd qəbul elədi. Senatın 102 senatoru buna yekdilliklə səs verdi. Bundan əvvəlsə sənəd senatın iki komitəsində müzakirə edilmişdi.
Nə Kolumbiyanın Azərbaycanda, nə də Azərbaycanın Kolumbiyada səfirliyi və ya diasporu var ki, hökumət və parlament ilə işləsin. Ancaq bununla belə, həmin sənəddə Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklər olduğu kimi göstərilib, Ermənistan işğalçı adlandırılıb. Sənəddə həmin gün Xocalı sakinlərinin böyük bir qisminin məhv edildiyi, Ermənistanın və erməni silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi heç bir qanuna, insanlığa sığmayan dəhşətli cinayətlər göstərilir.
Uzaq bir ölkədə Azərbaycanın həqiqətlərinin belə açıq şəkildə qəbul edilməsi göstərir ki, Azərbaycan həqiqətləri, Azərbaycan diplomatiyası dünyada özünə yer alır və bu gün Azərbaycan olduğu kimi qəbul edilir.
Mən yada salım ki, Kolumbiya ötən il Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə səs verən ölkələrdən biri olub. Statusundan istifadə edərək, hörmətli Sədr Kolumbiya Senatının Sədrinə təşəkkür məktubu göndərib. Təəssüf ki, Kolumbiya parlamenti ilə bizim dostluq qrupumuz yoxdur. Mən təklif edirəm ki, Kolumbiya ilə dostluq qrupu yaradılsın. Mən özümü indidən həmin qrupun üzvü sayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Həqiqətən, Azərbaycan–Kolumbiya dostluq qrupuna ehtiyac var və bizdə belə bir qrup yaranır. Deyirəm, elə Sizi o qrupa rəhbər qoyaq. Kolumbiya tərəfindən də belə bir dostluq qrupu yaradılır. Biz onları Azərbaycana dəvət edirik. Buyurun, Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Burada Almaniya ilə bağlı söhbətlər getdi. Mən də bir məqama toxunmaq istəyirəm. Mart ayının 16-da Milli Məclisin iclasında Almaniyanın xarici işlər naziri Quido Vestervellenin Azərbaycana səfəri gedişində “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına zidd olaraq bəzi əməllərə yol verdiyi haqqında çıxış etmişdim. Bundan sonra Almaniyanın Azərbaycandakı səfiri mənə məktubla müraciət etmiş və məktubunu belə başlamışdı ki, guya o mənim buradakı çıxışıma təəccüb edib. Doğrusu, mən də cənab səfirin məktubuna və onların atdıqları addımlara təəccüb etməkdəyəm. Vyana Konvensiyasına görə diplomatın heç bir ölkənin daxili işlərinə qarışmasına yol verilmir və cənab səfir də yəqin ki, bunu bilir. Amma bu yenə də davam etməkdədir. Səfirlərin vəzifəsi ölkələr arasında dostluğa, qardaşlığa rəvac vermək, kömək etməkdir. Amma biz bunun əksini görməkdəyik.
Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir və Azərbaycan buna çox böyük dəyər verir. Lakin Almaniyada bəzi dairələr bunu pozmağa çalışır, antiazərbaycan kampaniyasının başında dayanırlar. Burada qeyd olundu, Bundestaqda Yaşıllar fraksiyasının bəzi üzvləri bu işdə iştirak edirlər.
Bir məsələni qeyd etmək istəyirəm. Biz İnsan haqları üzrə müvəkkil cənab Markus Löningdən danışdıq. İnsan haqları üzrə müvəkkil əgər Almaniyada azlıqda olan xalqlara qarşı törədilən cinayətlərlə bağlı səsini qaldırsaydı, biz onun ədalətli olduğunu qeyd edərdik. Almaniyada azlıqlara – müsəlmanlara, türklərə, ərəblərə qarşı neofaşistlər dəfələrlə cinayətlər törədiblər, ailələri yandırıblar. Amma biz Almaniyada nə yaşılların, nə Löningin, nə də Almaniya xarici işlər nazirinin bununla bağlı kifayət qədər açıqlamalar verdiyini görməmişik.
Onlar Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə də laqeyd qalıblar. Biz Yeni Azərbaycan Partiyası olaraq dəfələrlə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirmişik. Xarici səfirləri dəvət etmişik. Lakin Almaniyanın səfiri burada bir dəfə də iştirak eləməyib. Əgər bunlar, doğrudan da, insan haqlarının pozulmasının əleyhinədirlərsə, o zaman insanların ən böyük haqqının, yaşamaq hüququnun pozulmasına nə üçün biganə qalıblar?
XIX əsrin axırı, XX əsrin əvvəllərində belə bir termin var idi: Avropanın jandarmı. Yəni elə dövlətlər var idi ki, onlar müstəqil siyasət yeridən ölkələrə qarşı hərbi müdaxilə edirdilər. Bu dövlətləri Avropanın jandarmı adlandırırdılar. İndi Almaniyada bəzi dairələr mənəvi jandarm rolu oynamaq istəyirlər. Haradasa futbolu qadağan eləmək istəyir, haradasa musiqi yarışmasının əleyhinə çıxırlar. Amma belə jandarm siyasəti onlara xeyir gətirməyəcək və Almaniyada bu cür addımlar atanları, məncə, alman xalqı özü rədd edəcək.
Sədrlik edən. Çox sağ olun. İndi İqbal Ağazadəyə söz verməsək, deyəcək, müxalifəti sıxdılar. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən burada olan çıxışlara diqqətlə qulaq asdım. Təəssüf edirəm ki, hər iclasda məsələləri bu şəkildə fərdiləşdirir, hər hansı bir yazıya bu cür münasibət bildirirlər və bu, zəncirvari davam edir. Bu gün burada müzakirə olunan mövzu sabah gedir yenə də Almaniyada və ya bir başqa ölkədə müzakirə olunur. Almaniyada da, başqa ölkələrdə də azad mətbuat var, problemlərə fərqli münasibət bəsləyirlər.
Bu, dövlət siyasəti deyil. Bunu hər biriniz deyirsiniz. Dövlət siyasəti deyilsə, bir qəzetdə, bir mətbuat orqanında gedən yazı və ya bir millət vəkilinin, yaxud ayrı-ayrı qrupların dedikləri nədən sizdə bu qədər narahatlıq doğurur?
Hörmətli Mübariz müəllim deyir ki, diplomatik korpusun vəzifəsi xalqlar arasında dostluq və sülh yaratmaqdır. Diplomatik korpusun missiyası o deyil, diplomatik korpus öz ölkəsini təmsil edir və ölkəsinin siyasəti nədirsə, onu burada ifadə edir. İstər müharibə olsun, istər sülh olsun, istərsə də başqa bir şey olsun, o, dövlətini təmsil edir.
Mən hesab edirəm ki, ayrı-ayrı ölkələrlə, – konkret Almaniyanı hədəfləşdirmək, Almaniyanın üzərində durmaq istəmirəm, – ayrı-ayrı ölkələrlə bu tipli münasibətlər Azərbaycanın ziyanınadır və bunu nəzərə alaraq Azərbaycan hakimiyyəti ona yaxın qəzetlərdə və mətbuat orqanlarında gedən yazılara diqqət etməlidir. Bu gün kiminləsə əlavə bir cəbhə açmaq, Avropanın aparıcı dövlətləri ilə münasibətləri gərginləşdirmək bizim xeyrimizə deyil. Bunu xüsusilə ayrı-ayrı məmurlar, millət vəkilləri və sairləri diqqətə almalı və hətta bizim üzərimizə sərt gedəndə belə bəzi məqamlarda ən azı Ermənistan–Azərbaycan münaqişəsi fonunda bir qədər geri durmağı bacarmalıdırlar.
Siyasi məhbus məsələsinə gəlincə burada hörmətli həmkarlarımız çıxışlarında qeyd etdilər ki, siyasi məhbuslar radikal elementlərdir, terrorçulardır və sair. Bəli, ola bilər ki, bu gün siyasi məhbusların siyahısına salınanlar arasında terrorçular da var. Amma millət olaraq, siyasi dairələr olaraq, Azərbaycan olaraq bilirsinizmi niyə bütövlükdə bu siyahıların əleyhinə getmək olmur? Çünki onların arasında 2 apreldə həbs olunan 16 nəfər həqiqi siyasi məhbus da var. Hər kəs də bunu birmənalı qəbul edir və bilir ki, bu, Bakı Şəhər İcra Hakimiyyətinin günahı və hakimiyyətin məhkəmələrinin yanaşması ucbatından belə olub.
Dünən Dövlət Neft Akademiyasında baş vermiş terrorun 3 ili idi. Həbs olunanlara və ömürlük cəza alanlara baxırsınızmı? Azərbaycan Respublikasının Prokurorluğu bəyan edir ki, bu bir erməninin təhriki ilə törədilib. O erməni hər gün müsahibə verir, Azərbaycan tərəfi bunu tuta bilmir. 3 nəfərə ömürlük həbs cəzası verilib. Əlbəttə, məhkəmənin bu cür qərarından sonra bunlar Avropa Məhkəməsindən siyasi məhbus və yaxud vicdan məhbusu adını alacaqlar. Bu tipli məsələlərə diqqət edilsə, məhkəmələrin qərarları obyektiv olsa, mən hesab edirəm ki, Azərbaycana qarşı bu ittihamları aradan qaldırmaq mümkündür. Azərbaycan cəmiyyəti bunu...
Sədrlik edən. Mən görürəm, İqbal Ağazadəyə heç mikrofon lazım deyil, vaxtı qurtaranda mikrofonsuz da danışır. İqbal müəllim, Siz həmkarlarınızın, məsələn, konkret olaraq Mübariz Qurbanlının çıxışına bəzi iradlar tutdunuz. Düzdür, səfirlər həmişə öz ölkələrinin maraqlarını qorumalı, öz dövlətlərinin siyasətini təqdim etməlidirlər, amma bir çox səfirliklər bizə, Azərbaycana, elə hamıya dərs keçirlər ki, şəffaflıq lazımdır, açıqlıq lazımdır. Yaxşı, mən bir şeyi başa düşmürəm, bunu təbliğ edən insanlar özləri niyə jurnalistsiz, filansız toplantılar keçirir, heç kimə heç bir informasiya vermirlər? Bunun səbəbi nədir, məqsəd nədir? Yəni ona görə bir şeydən danışanda o birisini unutmaq lazım deyil, o birisini də nəzərə almaq lazımdır. Siz dediniz ki, Almaniyada müstəqil mətbuat var. Yaxşı, mətbuat elə tək Almaniyada müstəqildir, Azərbaycanda müstəqil mətbuat yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz danışanda mən müdaxilə etmədim. Gəlin bir-birimizə hörmət edək. Yəni bu məsələləri heç də süngü ilə qarşılamaq lazım deyil. Həqiqətən, mən bayaq da qeyd etdim, Almaniya–Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Almaniya Bundestaqının bizimlə çox gözəl münasibətləri var və bu münasibətlər bundan sonra da inkişaf edəcək. Mən bizim Azərbaycan–Almaniya işçi qrupundan xahiş edərdim ki, parlamentdə bu istiqamətdə iş aparsınlar və bu mövzuda olan anlaşılmazlıqları bir yerdə aydınlaşdırsınlar.
Əgər başqa sual yoxdursa, gündəliyin məsələsinə keçək. Şuşa şəhərinin işğalının 20 illiyi haqqında. Buyursun Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri! Dünən cənab Oqtay Əsədov mənə deyəndə ki, Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ ilə əlaqədar ilk çıxışı mən edəcəyəm, çox düşündüm ki, bu çıxışda nələri deyim. Əlbəttə ki, bütün bu illər ərzində hər birimizin qəlbimizin paytaxtı olan Şuşa şəhərinin işğalı, Qarabağdan didərgin düşmüş insanlar, onların çəkdiyi ağrı-acılar, Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, dostlarımızın, düşmənlərimizin bizə münasibəti, bu problemdən yararlanmaq istəyənlər – bütün bunlar gəlib fikrimdən keçdi. Amma bu fikirdən daşındım. Düşündüm ki, mən burada ütülü, bəzəkli, pərdəli danışmayacaq, çıxışımı bütün beynəlxalq təşkilatlarda etdiyimiz səpkidə, diplomatik qaydalara uyğun şəkildə qurmayacağam. Ona görə ki, hər şeydən əvvəl mən Azərbaycan vətəndaşıyam, öz ev-eşiyindən didərgin düşmüş bir insanam. Mənim vəzifələrim bundan sonra gəlir. Ona görə də çox xahiş edirəm, cənab Sədr, icazə verin, mən bir köçkün kimi, öz yurdunu itirmiş, öz torpağından ayrı düşmüş bir insan kimi danışım.
Bu gün dünya fərdlərin hüquqlarını millətlərin, xalqların hüquqlarından və dövlətlərin maraqlarından üstün tutur. Bəzi hallarda bu lazımdır. Elə həmin bəzi hallara da özümü aid edərək, hesab edirəm ki, mənim hüquqlarım da qorunmalıdır. Baxmayaraq ki, mən vitse-spikerəm, millət vəkiliyəm, Azərbaycan siyasətində iştirak edən insanam. Amma hər şeydən əvvəl mən bir Azərbaycan vətəndaşıyam və köçkünəm.
20 ildir biz Şuşasızıq, Qarabağsızıq. Qarabağsızlığa, Şuşasızlığa dözmək çox çətindir. Buna dözüb də, haqsızlığa dözmək, bu məsələyə münasibətdə çoxüzlü standartlara dözmək çox çətindir. Mən çox istərdim ki, bu gün burada səslənən çıxışlarda da belə insani fikirlər daha çox qabardılsın. Çünki 20 ildir, biz diplomatiya ilə məşğuluq, 20 ildir ki, biz məsələni standartlar çərçivəsində qoyuruq. Amma standartlar çərçivəsində münasibətləri görmürük, Azərbaycan dövlətinin, Azərbaycan xalqının pozulmuş hüquqları beynəlxalq qurumlar və bu məsələyə cavabdeh olan dairələr tərəfindən göz ardına alınır, ikili standartlar – Ermənistana bir, Azərbaycana başqa münasibət sərgilənir.
Bayaq burada bir fikir səsləndi, mənim onu təkrar səsləndirməyim bəlkə də düzgün deyil. Amma bu faktdır, islamafobiya meylləri getdikcə daha geniş şəkil almaqdadır. Çox təəssüf ki, bu kimi məsələlərə münasibətdə də bu meyillər özünü daha qabarıq göstərir və qərarlar da məhz bu meyillərə əsaslanaraq verilir.
Bu gün mən bir millətin cinayətkar olduğunu söyləmək istəmirəm və buna inanmaq istəmirəm ki, erməni xalqı bir millət kimi günahkardır. Amma mən bunun da fakt olduğunu söyləyirəm ki, uşaq və qadın qatilləri siyasətçi ola bilirlər. Bu bir faktdır. Uşaq və qadın qatilləri Ermənistanda rəsmi mövqeyə gəliblər, onlar Ermənistanın rəsmi siyasətini yürüdürlər və bu da beynəlxalq aləm tərəfindən öz qiymətini almayıb.
Bu gün rəsmi Ermənistan Şuşanın işğalının 20 illiyini qeyd etməyə hazırlaşır. Özü da hansı adla – Şuşanın azad olunması adı ilə. Kimlərdən azad olunması? Türklərdən, yəni azərbaycanlılardan azad olunması. Mən hesab edirəm ki, beynəlxalq aləm buna, bu rəzalətə münasibət bildirməlidir. Məhkəmələr mülkiyyət hüquqları pozulmuş hesab etdikləri adamların hüquqlarını müdafiə etməlidir.
İndi müəyyən qüvvələr beynəlxalq təşkilatların Azərbaycanda keçirdikləri tədbirləri boykot etməyə çağırırlar. Mən Azərbaycanda bu çağırışlara cavab verənlərə üzümü tutub demək istəyirəm, siz hər şeydən əvvəl azərbaycanlısınız, aranızda qarabağlılar, qohum-əqrəbalarını, yaxınlarını itirənlər var. Bu gün siyasi maraqlara, siyasi məqsədlərə görə bu maraqları necə arxa plana atmaq olar? Mən Eurovision musiqi müsabiqəsi ətrafında siyasi qalmaqal yaradıb bundan da maraq güdənləri bu gün Azərbaycanla, Azərbaycan iqtidarı ilə yox, Qarabağ ətrafında, Şuşa ətrafında Azərbaycanın düşmənləri ilə mübarizə aparmağa çağırıram.
Bu düşmənlər kimlərdir? Bu sualın cavabı yaxınlarda cənab Prezidentin dilindən səsləndi – ilk növbədə erməni lobbisi. Mən hesab edirəm ki, erməni lobbisi bu gün təkcə Azərbaycan xalqının yox, həm də erməni xalqının düşmənidir. Çünki onun apardığı siyasət təkcə bizə qarşı yönəlməyib, bu siyasət bumeranq kimi onun özünə qayıdır. Erməni xalqının bu gün üzləşdiyi çətinliklər, problemlər, düşdüyü ağır vəziyyət ona heç də yaxşı gələcək vəd eləmir.
Mən hesab edirəm ki, bölgədə sülhün və təhlükəsizliyin əldə olunması üçün beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, parlament assambleyaları, digər beynəlxalq qurumlar bu faktlara göz yummamalıdırlar. Biz nə deyirik? Biz deyirik ki, təcavüzkara qiymət verin, bizim başqa bir tələbimiz yoxdur ki. Biz deyirik ki, azərbaycanlıların soyqırımına münasibət bildirin. Biz deyirik, insanlıq əleyhinə cinayətə laqeyd qalmayın. Biz deyirik, bu məsələdə günahkarların cəzalandırılmasını tələb edin. Amma qarşılığında tamamilə başqa münasibət görürük.
Baxmayaraq ki, Azərbaycan müharibə ilə üz-üzədir, baxmayaraq ki, Azərbaycan işğal olunmuş torpaqların bir-birinin ardıyca on illiyini, iyirmi illiyini qeyd edir, amma Azərbaycan inkişafdadır, Azərbaycan dünyada öz mövqeyini ortaya qoyan bir dövlətdir, Azərbaycan öz problemlərini özü öz iqtidarı ilə, öz maliyyə vəsaiti ilə həll edir, heç kəsə əl açmır. Bu bir çoxlarına xoş gəlmir, bu, Azərbaycanda bəzilərini qane etmir. Şuşanın işğalının 20 illiyi ərəfəsində Azərbaycanda mitinq keçirmək fikrində olanlar qoy bu məsələni qabartsınlar, hansısa siyasi maraqlar güdməsinlər.
Bəli, fərdlərin maraqları, çıxışları üzərində siyasət qurmaq olmaz. İqbal Ağazadə gözəl söz dedi, mən də bu fikrin tərəfdarıyam. Gəlin bir də Azərbaycanda bəzi fərdlərin taleyini xalqın taleyi kimi qələmə verməyək və buna uyğun siyasət qurmayaq. Ümumi maraqları önə çıxaraq və hər kəs də bunun arxasında dayansın, hamı bir nöqtəyə vursun.
Bu gün azərbaycanlılara qarşı soyqırımı davam edir. Vaxtilə Xocalıda xilas olanlar, Şuşada, Füzulidə xilas olanlar bu gün Bakı şəhərində, Şəkidə, Şamaxıda, Qubada, ən müxtəlif rayonlarda günbəgün, anbaan, dəqiqəbədəqiqə torpaq dərdi, həsrəti ilə həyatlarını itirirlər. Genosid davam edir, soyqırımı davam edir. Bu gün Elman müəllimin, Bəxtiyar Sadıqovun, Flora xanım, Sizin hüquqlarınızı kim qoruyacaq? Söhbət insanların öz yurduna, öz evinə qayıtmasından gedir.
Bizi müharibəyə çağırışda, hərbi qüdrətimizi artırmaqda günahlandırırlar. Mən hesab edirəm ki, Azərbaycanın bütün gücü, qüdrəti çox doğru olaraq azərbaycanlıların öz torpaqlarına qaytarılmasına yönəldilir. Biz oraları ermənilərdən azad etmək fikrində deyilik, biz soydaşlarımızı öz yurdlarına qaytarmalıyıq. Mən düşünürəm ki, beynəlxalq təşkilatlar – Avroparlament, ATƏT, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Təhlükəsizlik Şurası bəlkə də yeni qərarlar qəbul etməlidir.
Təhlükəsizlik Şurası vaxtilə Azərbaycan ərazilərinin işğal olunduğunu göstərib, amma azad olunması mexanizmlərini göstərməyib. Ona görə də mən təklif edirəm ki, biz bugünkü toplantıda söylənəcək fikirlərin ümumi nəticəsi kimi bütün beynəlxalq təşkilatlara, xüsusilə parlament assambleyalarına yönəlik bir müraciət hazırlayaq və bu müraciətdə fikirlərimizi ümumiləşdirərək həm mövqeyimizi ifadə edək, həm də onlardan növbəti dəfə bu məsələyə diqqət yetirilməsini tələb edək. Bu onların borcudur. Öz xalqımıza, dövlətimizə, milli maraqlarımıza sədaqət də bizim borcumuzdur. Mən hər kəsi bu məsələ ətrafında fikirlərini səmimi ifadə etməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Sonda Siz dediniz ki, müvafiq beynəlxalq təşkilatlar bəlkə də yeni qərarlar qəbul etməlidirlər. Amma heç o yeni qərar və ya qətnamələrə ehtiyac yoxdur. Əgər Sizin dediyiniz o təşkilatlar qəbul etdikləri qərarlara, qətnamələrə hörmət edib onları bəzi yerlərdə etdikləri kimi, həyata keçirsələr, kifayətdir. Zəruri bildikdə qərar qəbul edib, 3 gün sonra həll edirlər. İndi bu bizim dediyimiz ikili standartlardır. Yeni qərara ehtiyac yoxdur. Buyursun Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli media təmsilçiləri! Biz bu gün Şuşanın işğalının 20 illiyini burada müzakirə edirik. Ancaq mən çox arzulayardım, nəinki mən, bütün millət vəkilləri və xalqımız arzulayardı ki, biz bu il Şuşanın və bütövlükdə torpaqlarımızın işğaldan azad edilməsini milli səviyyədə qeyd edək.
Mən o hadisələrin bu və ya digər şəkildə iştirakçısı kimi deyə bilərəm ki, Şuşa, əlbəttə, daxildə gedən siyasi çəkişmələrin qurbanı oldu. Şuşa uğrunda Azərbaycanın oğulları qəhrəmancasına döyüşdü, həlak oldu, lakin ölkədəki son dərəcə ağır vəziyyət və Ermənistanın bütün istiqamətlərdən daha güclü, daha mütəşəkkil şəkildə Azərbaycana hücumu Şuşanın işğalı ilə nəticələndi. Şuşanın ardıyca Laçın getdi və beləliklə, Azərbaycanın işğalı prosesi geniş miqyas almağa başladı.
20 il keçib. Azərbaycan öz torpaqlarının 20 faizindən məhrum olub. Bu 20 il ərzində biz Ermənistanı müdafiə edən qüdrət sahibləri ilə üz-üzə qalmış və təkbaşına olsa da, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilmişik. Azərbaycan diplomatiyası bu istiqamətdə bir çox uğurlara imza atıbdır. İnformasiya müharibəsində Azərbaycan Ermənistanı tamamilə üstələyibdir. Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində çox böyük müvəffəqiyyətlər əldə olunubdur. Biz ordumuzu qurmuş, onu gücləndirmişik. Lakin bütün bu uğurlara baxmayaraq, torpaqlarımızı işğaldan azad etmək bizim üçün böyük problemə çevrilibdir.
Mən bunun başlıca səbəbini dünya birliyində, Birləşmiş Millətlər Təşkilatında, onun Təhlükəsizlik Şurasında görürəm. Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin həyata keçirilməsini təmin etmədiyi halda əgər 1 qətnamə ilə Liviyaya od yağdırıb öz məqsədinə nail olursa, deməli, Azərbaycan torpaqlarının işğalı Təhlükəsizlik Şurasında həlledici söz sahibi olan dövlətlərin himayəsi ilə davam edir. Bunun başqa məntiqi yoxdur.
Bu gün o dövlətlər Ermənistanı himayələri altına alıb, ona ən müxtəlif səviyyədə kömək edirlər. Məgər dünya bilmirmi ki, Ermənistan 20 ildən çoxdur, Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bizim 1 milyona yaxın qaçqınımız var və sair? Bunların hamısını bilirlər. Lakin burada iki mühüm cəhət var – birincisi, xristian təəssübkeşliyi, ikincisi, Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunması.
Mənim düşüncəmə görə, problemin sülh yolu ilə həllinə mane olan bu iki amilin birləşməsidir. Ona görə biz Minsk qrupunun həmsədrləri məsələsinə, onların fəaliyyətinə ciddi yanaşmalıyıq. Mən düşünürəm ki, Minsk qrupunun həmsədrləri Minsk qrupu qarşısında hesabat verməli və onların üzərinə düşən vəzifəni nədən 20 il ərzində yerinə yetirmədiklərinin səbəbini izah etməlidirlər. Əslində, Minsk qrupu Ermənistanın işğalçı siyasətini himayə...

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Fəzail müəllim, vaxtınız qurtardı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə? O məsələni indi gəlin bir də məsləhətləşək. Fəzail müəllim, çıxışlara 25 nəfər yazılıb. Mən başa düşürəm, əlbəttə, bu elə bir ağrılı mövzudur ki, hamının haqqı var, 10 dəqiqə yox, lap 20 dəqiqə danışsın. Amma gəlin nəzərə alaq ki, həmkarlarımız da danışmaq istəyirlər. Mən Sizə 1 dəqiqə əlavə vaxt verirəm. Amma çıxış edəcək həmkarlarımızdan xahiş edirəm, 5 dəqiqə ərzində fikirlərinizi formalaşdırın. Buyurun, Fəzail müəllim.
F.Ağamalı. Xahiş edirəm, mənə imkan verin, sözümü deyim. Bu ciddi məsələdir. Burada 5 dəqiqə, 3 dəqiqə söhbəti olmamalıdır. Belə olmaz.
Sədrlik edən. Mən Sizə dedim axı. Biz ciddi məsələ müzakirə edirik. Amma burada tək Siz deyilsiniz axı. Buyurun, davam edin. Şantajla danışırsınız, olmaz belə.
F.Ağamalı. İcazə verin, danışım. Almaniya haqqında söhbət getdi. Bəli, Almaniya ilə Azərbaycan dövləti arasında heç bir problem yoxdur, ola da bilməz. Xalqlarımız dost olub, dostdur və bundan sonra da dost olacaqdır. Lakin aranı qarışdıran müəyyən qüvvələr var. Bunlar ölkənin daxilində də var, xaricində də var. Bunlar Ermənistanın bu gün Azərbaycana qarşı apardığı informasiya müharibəsinin iştirakçılarıdır. Mən Almaniyada ayrı-ayrı qüvvələrin Azərbaycana qarşı təbliğatına da erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsi kimi yanaşıram.
Çıxışımın əvvəlində söylədim, bu gün Azərbaycan kifayət qədər qüvvətlidir, güclü ordusu var. Mənə belə gəlir ki, biz gecikmədən, bu cür bəyanatlardan çəkinərək, Ermənistanı sözlə ittiham etməkdən imtina edərək müharibəyə hazırlaşmalıyıq. Mən işğal olunmuş torpaqlarımızın azad edilməsinin yeganə yolunu müharibədə görürəm. Biz işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə azad etməliyik. Heç bir beynəlxalq qüvvəyə, beynəlxalq qüvvələrə və ayrı-ayrı dövlətlərə istisna etməli deyilik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də, beynəlxalq hüquq da bizə imkan verir ki, torpaqlarımızı müharibə yolu ilə azad edək. Sağ olun.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bizim borcumuzdur ki, Şuşanın azad edilməsi məsələsini gələcək nəsillərə saxlamayaq, özümüz bunu edək. Məndən öncə Fəzail müəllim söylədi, biz Şuşanın azad olunmasında beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin bizə yardımçı olacağını və bu problemi sülh yolu ilə həll edəcəyimizi gözləsək, bu özümüzü aldatmaqdan başqa bir məsələ olmayacaq. Bizə atəşkəs ona görə lazım idi ki, ordu quraq, müdafiə sənayesi kompleksi yaradaq, iqtisadiyyatımızı dirçəldək, xalqımızı müharibəyə hazırlayaq və torpaqlarımızı işğaldan azad edək.
Beynəlxalq təşkilatlar barədə çox fikirlər söylənilib. 40 ildir, Fələstin torpaqları işğal altındadır. BMT Baş Məclisinin bununla bağlı saysız-hesabsız qərarları var. Hətta İsrailin ən yaxın müttəfiqi olan Amerika da deyir ki, sən işğal edilmiş torpaqları azad etməlisən, orada məskunlaşma işi aparmamalısan. Amma onlar torpaqlarda məskunlaşırlar, yaşayırlar. 40 ildir, belə davam edir və bundan sonra da nə qədər davam edəcək, bir Allah bilir. Artıq bizim torpaqlarımız da ikinci Fələstin problemi kimi gündəmdədir.
Bu gün burada deyirik ki, Almaniyanın Bundestaqı qərar qəbul edib. Sabah başqa bir ölkənin parlamenti qərar qəbul edəcək ki, ora Azərbaycan torpaqlarıdır. Onsuz da bunlar deyirlər ki, biz sizin ərazi bütövlüyünüzü tanımışıq, amma işğal faktı ortadadır, gedin, Ermənistanla dil tapın, barışın, güzəştə gedin. Beləliklə də, BMT-nin Nizamnaməsinə zidd olaraq, Ermənistan hərbi vasitələrlə öz siyasətini davam etdirir və torpaqlarımızı işğal altında saxlayır. Bunlar nəinki Dağlıq Qarabağı, heç Dağlıq Qarabağ ətrafındakı rayonları da azad etməyəcəklər.
Beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin liderlərinin, yaxud siyasətçilərinin münasibətinə gəldikdə isə deyim ki, bu yaxınlarda Tbilisidə parlamentarilərin etik davranış qaydaları haqqında tədbir keçirilirdi. Orada mən söylədim ki, siz demokratiyası inkişaf etməkdə olan dövlətlərə etika dərsi keçməyin. Bu problem həm də inkişaf etmiş demokratiyaya malik olan ölkələrdə var. Dedim ki, “Quardian” qəzeti keçən ilin martında apardığı sorğunun nəticələrini dərc edib. 5 Qərbi Avropa ölkəsində – Almaniyada, Fransada, Britaniyada, Polşada, İspaniyada 5 min respondent arasında sorğu keçirilib. Bəlli olub ki, sorğuda iştirak edənlərin 89 faizi dövlət hakimiyyət orqanını təmsil edən şəxslərin düzgünlüyünə və vicdanlılığına inanmır. Onların korrupsiyalaşması və lobbiçilik fəaliyyəti ilə məşğul olmaları qənaətindədir. Ona görə söylədim ki, mən demirəm, bu problem bizdə yoxdur, yaxud sizdən daha aşağı səviyyədədir, gəlin, bu problemləri birlikdə həll edək.
Ona görə də bizim beynəlxalq təşkilatlardan ədalət gözləməyimiz yersizdir. Dünyada bir zor, böyük dövlətlərin maraqları var. Böyük dövlətlərdə, həmçinin Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları və Fransada erməni lobbisi çox güclüdür. Siyasətçilər bu lobbidən asılıdırlar. Bilirlər ki, lobbi onlar üçün ölkənin siyasi həyatında ciddi problemlər yarada bilər. Ona görə də onlar özlərini düşünürlər, beynəlxalq hüquq barədə düşünmürlər. Oqtay müəllim də qeyd etdi, lazım gələndə BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir saat sonra icra olunmağa başlayır. Biz bir şeyi nəzərə almalıyıq. BMT-nin Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası yalnız böyük dövlətlərin öz siyasətlərini həyata keçirmələri üçün bir alətdir, vasitədir. Onlar bu və ya digər əməllərinə hüquqi don geyindirmək üçün bu təşkilatlardan istifadə edirlər. Ona görə də biz oturub gözləsək ki, bunlar nə vaxtsa haqqa, dinə-imana gələcəklər, beynəlxalq hüquqa sayğı ilə yanaşacaqlar və Ermənistana müəyyən formada təzyiq edəcəklər, bu alınmayacaq. Ən yaxın qonşularımızın, müsəlman ölkələri olan İran və Türkiyənin münasibətini birinci Qarabağ savaşında görmüşük. Biz Türkiyə sərhədləri bağlayanda prezidentini televiziyalarımızda “Abdullah Gül–Bağdagül” deyib ələ salırıq. O gün yaxşı ki, Eldar müəllim televiziyanın rəhbərinə zəng elədi.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, əlbəttə, 20 il işğal altında olan Şuşa bütün varlığı, mahiyyəti, hətta indiki dağılmış vəziyyəti ilə yenə Azərbaycanındır. Bu dövr ərzində Şuşa ermənilərin ola bilmədi. Onun tarixini, toponimiyasını, quruluşunu dəyişmək üzərində uzun illərdir ki, iş aparırlar. Şuşanın bərpası adı altında Ermənistan dövlətinin vandal əməliyyatları uzun müddətdir, davam edir. Beynəlxalq turnirlər keçirirlər, amma Şuşa bu viranə vəziyyətində də yenə Azərbaycanın adı ilə bağlı olduğunu göstərir və bir simvol olaraq da qalmaqdadır.
Şuşanın işğalı Azərbaycan ərazilərinin işğalını öz mahiyyətində, varlığında bütövlükdə əks etdirir. Başıpozuqluğu, səriştəsizliyi, rabitəsizliyi və sairi mən sadalamaq istəmirəm, köhnə dövrlərdə bunlar çox deyilib. Ancaq mənə Azərbaycanda siyasi adı hakimiyyət uğrunda mübarizə adına bağlı mitinqlər 20 il bundan öncəni xatırladır. Onda da belə idi. Şuşadan gətirilən tabutların üzərində hakimiyyət zəbt olundu. Bu, dəqiq, birmənalı belədir. Onun günü, xronikası da var, şəkilləri də ortadadır. Hakimiyyət uğrunda mübarizə aparanda nə olar, heç olmasa, bu dönəmlərdə milli hisslə yaşamağı bacarsınlar. Bunlar Azərbaycanı məğlub etmək hesabına qalib gəlmək istəyirlər. Bolşeviklər də belə etmişdilər, amma ondan nailiyyət götürmək mümkün deyil. Yəni bir siyasi qüvvənin xalqın məğlubiyyəti hesabına nailiyyəti ola bilməz.
Mən nə təklif edirəm? Şuşa Azərbaycanın ikinci paytaxtı elan olunsun. Bu bir mədəniyyət paytaxtıdır, bir siyasi mənadır, doğrudur, amma bu, elan olunsun. Bu, gələcək dövlət siyasəti, məsələnin beynəlxalq aləmə çıxarılması üçün vacibdir. Mən bilmirəm, sonuncu ilidirmi, biz onun işğal dönəmini qeyd edirik? Allah eləsin, elə olsun, 21-ci ildönümünü keçirməyək. Amma soyqırıma məruz qalmış mədəniyyət abidələrinin, Üzeyir Hacıbəyovdan tutmuş hər birinin beynəlxalq ada çıxarılması üçün addımlar atılmalıdır. Bu bizim mühüm işlərimizdən biri olmalıdır.
Əlbəttə, bu dövr ərzində Qarabağın işğal gerçəkliklərinin tanıdılması üçün Azərbaycan mühüm addımlar atıb, amma düşünürəm ki, biz beynəlxalq reallıqları bilməli və onları qiymətləndirməyi bacarmalıyıq. Dünya daha sıx dərəcədə maraqlar üzərində ixtisaslaşıb və bu özünü Azərbaycanın mövqelərinin güclənməsində daha çox göstərir. Biz zəif olanda bəlkə də bunu bu qədər hiss etmirdik. Faktiki olaraq mən bu dönəmdə, yaşadığımız gerçəklikdə Azərbaycanın Əfqanıstan, Zimbabve, İraq yerinə qoyulmasına çox ağrıyıram. Sanki bizim eyni təqdimatımız baş verir. Azərbaycan əleyhinə aparılan bu proseslər dərinləşdikcə sanki ölkə daxilində də kimlərsə fəallaşıb bununla iqtidara gedən yolun açıldığını zənn edirlər. Bu, son dərəcə ağır bir yanaşmadır.
Mən düşünürəm ki, bunun açıq səbəbləri var. Azərbaycanı anti-İran blokuna qoşmaq istəyirlər. İstəyirlər ki, ölkəmiz Rusiya ilə olan iqtisadi-siyasi münasibətlərin çoxundan imtina etsin. İstəyirlər ki, kəşf olunmuş yeni qaz yataqlarının işlənməsi Qərbin iqtisadi maraqları çərçivəsində imzalansın. Bu təzyiqlərin başlıca səbəbi budur. Nə bu “Eurovision”la bitəcək, nə də onunla başlayıb. Bu proses davam edəcək. Bilməliyik ki, bu dönəmdə üzərimizə təzyiqlər artacaqdır. Bunu təkcə hakimiyyətmi qarşılamalıdır? Bu təkcə iqtidara qarşımı yönəlib? Xeyr. Bu, Qarabağ uğrunda savaşın tərkib elementidir.
“Eurovision” nədir ki? Sadəcə, bu mədəni informativ hadisədən Azərbaycan beynəlxalq aləmdə öz maraqları üçün istifadə edəcəkdir. Buna qarşı olmaq lazımdır? Azərbaycanın müharibə aparmağa 45 milyard dollar pulu var. Beynəlxalq siyasi çəkisi də bir az artanda bunu hərbi əməliyyatla tamamlaya bilər. Bundan narahatdırlar. Bu şansı Azərbaycanın əlindən almaq üçün bu proses bundan sonrakı dönəmdə də davam edəcəkdir. Bundan istifadə edənlər unudurlar ki, xalq məğlub olanda onlar da məğlub olacaqlar. Yəni tarixdə hələ heç kimə belə şans verilməyib ki, o prosesdə iqtidarı ələ keçirəsən və çox yaxşı bir güzəran sürəsən. Bu mümkün olmayıb. Ona görə də mən elə hesab edirəm ki, Şuşa dərdini, Qarabağ dərdini ümummilli miqyasda yaşamaq hər birimizin, hər bir kəsin...
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk növbədə vitse-spiker Bahar Muradovaya çox dolğun və ürəkağrısı ilə dolu olan məruzəsinə görə təşəkkür edirəm. Hər birimizin qəlbindən xəbər verdi. Bahar xanım maraqlı bir ifadə işlətdi. Dedi ki, bir köçkün kimi çıxış etmək istəyirəm. Bahar xanım, mən də bir köçkün kimi çıxış etmək istəyirəm. Mən hesab edirəm ki, bu gün şuşalı və qeyri-şuşalı, qarabağlı və qeyri-qarabağlı yoxdur. Bu gün hamımız Şuşadanıq, Xocalıdanıq, Xocavənddənik, Qubadlıdanıq, Zəngilandanıq, Laçındanıq. Hər birimiz qarabağlıyıq. Azərbaycanın ağrılı dərdi hər birimizin dərdidir.
Şuşanı, sonradan torpaqlarımızın 20 faizini işğal etməklə Ermənistan və onun arxasında duran müəyyən dairələrin məqsədi Azərbaycanı diz çökdürmək, eyni zamanda, tədricən Qarabağ məsələsini cəmiyyətdə dördüncü məsələlər sırasına keçirmək idi. Ancaq buna nail ola bilmədilər. 20 il keçsə də, yenə də Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar Azərbaycanın bir nömrəli ümummilli məsələsidir. Şuşanın işğalı Ermənistanın güclü olması hesabına baş vermədi. Ermənistan heç vaxt Azərbaycandan güclü ola bilməz. Ermənistanın millətçi dairələri heç zaman Azərbaycanın vətənpərvər dairələrindən güclü ola bilməzlər. İş burasındadır ki, Ermənistanın arxasında duran güclü qüvvələr bunun marağında idilər və bu, məqsədli surətdə gedirdi.
Ermənilər ilk növbədə keçmiş SSRİ-nin resurslarından maksimum istifadə edə bildilər. SSRİ-nin faktiki liderinin, Kommunist Partiyasının baş katibinin iki əsas köməkçisi erməni millətindən olan şəxslər idi. Dövlət Plan Komitəsi sədrinin birinci müavini erməni idi. Onlarca generalları var idi. Mən hələ nazirləri, səfirləri və sairləri demirəm. 1985-ci ildə erməni millətçiliyinin ideoloqu Zori Balayan SSRİ Silahlı Qüvvələri Baş Qərargahının generalları qarşısında böyük bir məruzə ilə çıxış etdi. Mən soruşuram, Oljas Süleymenova, Maksim Tanka, Əkrəm Əylisliyə, Xəlil Rza Ulutürkə SSRİ generalları qarşısında çıxış etmək imkanı verdilərmi ki, Zori Balayan üçün şərait yaratdılar?
Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasında və məqsədli şəkildə Azərbaycana zəif bir rəhbərliyin gətirilməsində məqsəd, əlbəttə, torpaqlarımızı, o cümlədən Şuşanı işğal etməkdən ibarət idi. Onlar buna nail ola bildilər, ancaq gəlin, görək bundan sonra qazandıqları nədən ibarət oldu? Torpaq ona görə işğal edilir ki, onun resurslarından istifadə etsinlər, zənginləşsinlər, daha qüdrətli olsunlar. Amma bu gün Dağlıq Qarabağ məsələsi Ermənistanın boynundan asılmış ağır bir daşdır ki, onu daim geriyə çəkir. Ermənistan irəliləmir, geriyə gedir. Əhalisi azalır, iqtisadi layihələrdən kənardadır, dünyada nüfuzu olmayan bir ölkə sırasındadır. 20–30 ildən sonra Ermənistan dövləti özü bir sual altında qalacaq. Ermənistan ya başqa dövlətlərin arasında parçalanacaq, ya da başqa dövlətin ərazisinə daxil olacaq, çünki erməni millətçiləri sübut etdilər ki, onlar müstəqil bir dövləti yaşatmaq iqtidarında deyillər.
Şuşa və digər torpaqlarımız işğal altındadır. Bu, Azərbaycanın ağrılı bir məsələsidir. Şuşanı görmüş insanların da, işğaldan sonra doğulmuşların da iki kəlməsindən biri Şuşadır, Qarabağdır. Bir qayda olaraq ərazicə kiçik dövlətlərin beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin köməyinə ehtiyacı olur. Tarix belədir. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana real köməklik etmir. Bir-birinin ardınca bəyanatlar, qətnamələr qəbul edirlər, amma onların yerinə yetirilməsində zəiflik göstərirlər. Biz İraqa qarşı tətbiq edilən sanksiyanı Ermənistana qarşı görmürük, biz Ermənistana qarşı hər hansı bir tələb görmürük. Ola bilsin ki, bu gün onlar Ermənistanı, sadəcə olaraq, bir güc, bir forpost kimi görmək istəyirlər, amma alınmır. Hesab edirəm ki, əgər Azərbaycan beynəlxalq birlikdən gözlədiyi və haqqı çatdığı köməyi ala bilmirsə, bu məsələni özü həll edəcək və edir. Bu gün Azərbaycan qüdrətli dövlət kimi problemlərini, o cümlədən Dağlıq Qarabağ məsələsini həll etmək iqtidarındadır. Azərbaycanın böyük oğlu Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycanı qələbəyə doğru aparır. Şuşanın və digər rayonların işğaldan azad olunacağı gün heç də uzaqda deyil. Ermənistan və onu müdafiə edən dairələr elə hesab etməsinlər ki, Azərbaycan işğalla razılaşacaqdır. Qarabağ da, Şuşa da mütləq işğaldan azad olunacaq.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Şuşa şəhərinin işğal edilməsinin Azərbaycan üçün hərbi, siyasi, strateji, iqtisadi və mənəvi baxımdan nə qədər ağır bir zərbə olduğunu burada təkrar-təkrar söyləyə bilərik. Hörmətli Bahar xanım çıxışında bu məsələlər ətrafında ümumiləşdirmələr apardı və həmkarlarım bu istiqamətdə fikirlərini söylədilər. Möhtərəm Prezidentimizin Şuşanın işğalının 20 illiyi ilə əlaqədar sərəncamı var. Bu sərəncamda bütün məsələlər konkret şəkildə öz əksini tapıbdır.
Bu auditoriyada əyləşən bizim nəslin nümayəndələri Şuşa şəhərinin işğalı ilə bağlı gedən prosesi və o dövrü çox gözəl xatırlayırlar. Biz bu hadisələrin hamısının şahidiyik. Bu gün də biz yenə bir suala cavab axtarırıq: Şuşa kimi təbii müdafiəyə malik bir şəhər nədən Ermənistan tərəfindən belə asanlıqla işğal edilə bildi? Ona görə asanlıqla deyirəm ki, əhali, Şuşanın müdafiə batalyonunun üzvləri böyük qəhrəmanlıqlar göstərsə də, o dövrdəki siyasi hakimiyyət şəhərin müdafiəsi ilə bağlı kifayət qədər ardıcıllıq nümayiş etdirə bilmədi.
Azərbaycanın itkiləri içərisində Şuşanın itkisi qədər təsiredici bir hadisəni xatırlamıram. Şuşanın itkisi növbəti ərazilərin işğalı üçün Ermənistanın hərbi-siyasi baxımdan üstünlük qazanmasına gətirib çıxarmışdır. 1991-ci ilin mart ayında Novruz bayramı qeyd edilərkən mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini üçgünlük Şuşaya aparmışdım. O dövrdə “ANS” telekanalı hələ təzəcə yaranırdı. Onlar bu hadisələri çəkirdilər. Biz orada Şuşa camaatına mənəvi dəstək vermək üçün 3 gün böyük konsertlər təşkil etmişdik. Yəni o hadisələrdən əvvəl orada olduğuma görə əhalinin əhvali-ruhiyyəsini, durumunu görmüşdüm. Əhalidə çox böyük inam vardı ki, Şuşa heç zaman itirilməyəcək. Şəhərin müdafiəsi üçün hər kəs əlindən gələni edirdi. Bizim bu itkimizin ən böyük səbəbi, yenə deyirəm, lidersizlik idi. O dövrdəki hakimiyyətin xarici siyasəti düzgün qura, daxildə siyasi birliyə nail ola bilməməsinin nəticəsi idi. Həmin dövrdə siyasi hakimiyyət uğrunda mübarizə aparan müxalifət ümumi milli maraqlarla əlaqədar ortaq məxrəci görə bilmədi. Bu gün də həmin müxalifətin davamçıları yenə ortaq məxrəcə gələ bilmirlər.
Azərbaycana qarşı hər tərəfdən təhdidlər, basqılar var. Biz siyasi proseslər baxımından yeldöyən bir məkanda yerləşirik. Mən deyərdim, beynəlxalq münasibətlərin sivil mərkəzlərindən biri Azərbaycanın yerləşdiyi ərazidən keçir və bizə qarşı olan bu təhdidlərin altında böyük güclərin maraqları dayanır. Bunu göz önünə gətirməliyik, yeni səhvlər etmək lazım deyil. Tarixdən ibrət dərsi götürmək lazımdır. Xüsusi ilə radikal müxalifət bundan ibrət dərsi götürməlidir. Biz səhv edə bilmərik. Bizim səhv etmək, yeni itkilər vermək imkanımız yoxdur. Biz gücümüzü toplayaraq itkilərimizi geri qaytarmalıyıq.
Bu itkilərin içərisində Şuşa xüsusi yer tutur. Şuşa ilə bağlı Prezidentin sərəncam verməsi əlamətdar bir hadisədir. Ayrı-ayrı rayonlarla bağlı yox, məhz Şuşa ilə bağlı sərəncamın verilməsi onu göstərir ki, işğal olunmuş ərazilərlə bağlı aparılan danışıqlarda Şuşa məsələsi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də buna xüsusi diqqət yetirilməlidir.
Bu gün biz, əlbəttə, hüquqi-siyasi qiymətlə, məhkəmə ilə bağlı tarixə qayıda bilərik. Bu gün də bəziləri Şuşanın işğalı ilə bağlı əllərində faktlar olduğunu deyir. Amma bunları demək gülüncdür. Bunun səbəblərini hər kəs bilir. Bu, işğal idi. Ermənistan öz havadarları ilə bunu etdi. Bizim də öz səhvlərimiz oldu. Bu gün əsas vəzifə Şuşanın, işğal olunmuş torpaqların azad edilməsi uğrunda birliyə nail olmaqdır. Bu yöndə Milli Məclis, millət vəkilləri öz üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil müəllim, sualınız var, buyurun.
A.Abbasov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim sualım yox, bir təklifim var. Şuşada erməni əsirliyində olan 3 heykəli böyük səs-küylə, sevinclə gətirdik. Azərbaycan xalqının dahi şəxslərinin heykəllərini gətirdik, amma hara qoymuşuq, tapan yoxdur. Yəni onları Azərbaycan Dövlət İncəsənət Muzeyinin arxasında həyətdə bir yerə qoyublar və o muzeyə heç gedən də yoxdur. İnsan da heykəli, qəbri güllələyərmi? Vəhşiliyin bir nümunəsidir. Onları elə bir yerə qoysunlar ki, oradan keçənlər – uşaq da, böyük də, qonaq da bunları görsünlər. Bilsinlər ki, hətta heykəlləri güllələyiblər. Onları muzeyin həyətində qoyublar, buradakı deputatların heç biri, mən də gedib baxmamışıq. Bu mənada təklif edirəm ki, bu heykəlləri gözəgəlimli bir yerə qoysunlar. Bir bağa qoysunlar. Allaha şükür, Bakı bağla doludur. Doğrudan, buna bir yer tapıb qoysalar, ora bir ziyarətgah olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, Ziyafət müəllim. Mən Milli Məclisin rəhbərliyinə bu müzakirənin belə geniş miqyasda keçirilməsini təşkil etdiyi üçün təşəkkür edirəm. Burada Bahar xanımın gözəl fikirləri oldu. Bunlar ürəkdən gələn fikirlər idi. Amma mən belə hesab edirəm ki, bu müzakirələrdə Müdafiə Nazirliyinin, digər əlaqədar qurumların nümayəndələrinin iştirakı daha yaxşı olardı.
Hörmətli Ziyafət müəllim, bu bir həqiqətdir ki, Azərbaycan qüdrətli dövlətə və ədalətli cəmiyyətə çevrilmək istiqamətində uğurla addımlayır. Bu da bir həqiqətdir ki, Azərbaycanın böyük potensiala malik olduğunu hiss edən qüvvələr Azərbaycana qarşı birləşdilər, ərazilərimizin işğal olunmasına nail oldular. Sonra, Azərbaycanın 80 faiz potensialla böyük uğurlar qazanması və Heydər Əliyev tərəfindən müəyyən olunan siyasətin özünü doğrultması bu qüvvələri qıcıqlandırır. Ataların bir sözü var: “Barsız ağaca daş atmazlar”. Burada Almaniya ilə bağlı haqlı fikirlər söylənildi. Amma biz onların adını çəkdikcə daha da fərəhlənirlər və bundan yeni bir müzakirə predmeti kimi istifadə edirlər.
Şuşa ilə əlaqədar burada gözəl fikirlər söylənildi. Bilirik ki, Şuşada 30-dan artıq kənd işğal altında qaldı. Orada böyük sovxoz təsərrüfatı, 6 minə qədər iribuynuzlu, 16 min xırdabuynuzlu mal-qara, xüsusi mülkiyyət, daşınar-daşınmaz əmlak, yeraltı və təbii sərvətlər dağıdıldı və bu talan yenə də davam edir.
Mən təkliflər vermək istərdim. Azərbaycan Dövlət İqtisad Universiteti və Avrasiya ölkələri üzrə beynəlxalq qiymətləndirmə assosiasiyası ayın 7-si və 8-ində Şuşanın işğalının 20 illiyi ilə əlaqədar böyük simpozium keçirəcək. Ora 26 ölkədən qonaqlar dəvət olunub. Onların hər biri öz ölkələrinə Azərbaycan həqiqətlərini çatdıracaqlar. Bu, tarixi arxivlərimizdə min illərlə qalacaqdır. Bu, böyük bir tədbirdir. O tədbirin də adı belədir: “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsinin Qafqaz regionu üçün sosial-iqtisadi faydalığı”. Hesab edirəm ki, bu ərəfədə görülən tədbirlərin sırasında ən nəhəngidir.
Yaxşı olardı ki, işğala məruz qalmış ərazilərdəki varidatımızın arxivi yaradılsın. Biz köhnə izləri itiririk. İnsanların evləri, tövləsi, həyətindəki bağları, ictimai mülkiyyəti ilə bağlı arxiv yaradılmalıdır. Bu arxiv həmişə lazım olacaqdır. Növbəti təklifim bundan ibarətdir ki, bunların maddi formada dəyərləndirilməsinə və dünya ictimaiyyəti qarşısında prezentasiyaların keçirilməsinə nail olmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də həmkarlarımın fikirlərinə qoşuluram, hörmətli Bahar xanımın ilkin olaraq dediyi fikirlər, ideyalar və rəylərlə tam razıyam. Təklifim ondan ibarətdir ki, bütün deputatların rəylərini özündə əks etdirən ümumi bir bəyanat hazırlansın. Yəni Milli Məclisin bütün deputatlarının fikirləri orada öz əksini tapsın. Əgər məqsədə uyğundursa, hamının fikirlərini əks etdirən belə bir bəyanatı qəbul edək.
İşğal olunmuş ərazilərimiz, xüsusi ilə də Şuşa haqqında həmkarım Mübariz müəllim dəyərli fikrilər söylədi. Qeyd etmək istəyirəm ki, Şuşa Dağlıq Qarabağın açarı idi və ora işğal olunandan sonra Dağlıq Qarabağda proseslər daha da gücləndi. Həm daxildə hakimiyyət uğrunda gedən mübarizənin, həm də digər ölkələrin Ermənistana siyasi və hərbi dəstəyi nəticəsində Şuşa işğal olundu. Şuşa batalyonu, Şuşanın əhalisi düşmənə ciddi müqavimət göstərdi. Şəhər neçə-neçə şəhidlər verdi. Lakin qüvvələr nisbətinin qeyri-bərabərliyi və mənəvi, siyasi dəstəyin olmaması səbəbindən Şuşa şəhəri işğal olundu.
Bu gün biz Şuşanın işğalının 20 illiyini qeyd eləyirik. Mən hesab edirəm ki, yalnız 20 illiklərdə yox, gündəlik işimizin əsasını Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təşkil etməlidir. Bunun üçün də tarixin dərslərindən ibrət götürülməlidir. Bu məsələdə həm mənəvi, həm siyasi, həm də hərbi rolu olan insanlar məsuliyyətə cəlb olunmalıdırlar. Onlar haqqında lazımi ölçü götürülməlidir ki, sabah biz öz ərazilərimizi işğaldan azad etmək uğrunda müharibəyə başlayanda o işlər təkrar olunmasın, o cür vətən xainləri yenidən ortaya çıxmasınlar. Şuşanı satıb üstündən 20 il keçəndən sonra özünü qəhrəman kimi ortaya atıb fikirlər söyləməsinlər.
İnanmıram ki, digər xalqların tarixində belə hallar olsun, çünki onlar o cür satqınları sağ buraxmazdılar. Təəssüflər olsun ki, hərdən bu cür insanlara siyasi məhbus donu da geyindirirlər. Baxırsan ki, siyasi məhbus adı qoyduqları adamlar vətənə xəyanət edən, bu və ya digər şəkildə Azərbaycanın parçalanmasına çalışan şəxslərdir. Avropa Şurası tələb qoymuşdu ki, Şuşanın komendantı azad olunsun. Bu, ölkədə hərbi cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Bizi Avropa Şurasına qəbul etməkdən ötrü bunu qarşımızda şərt qoymuşdular. Deməli, biz burada erməni barmağının işləməsinin şahidi oluruq. Onlara işləyən adamları bu və ya digər şəkildə siyasi məhbus adı altında törətdiyi cinayətdən azad eləməkdən ötrü addımlar atırlar. Burada ədalət hanı? Bax, bunların yanaşma tərzi bundan ibarətdir. Mən hesab edirəm, vətənə xəyanət edən adamların heç biri azadlıqda olmamalıdırlar. Onlar bu və ya digər şəkildə cinayət məsuliyyətinin maddələri ilə ittiham olunublar. Bu məsələlərə yenidən baxılmalıdır ki, digərlərinə ibrət dərsi olsun.
Azərbaycan güclü bir dövlətdir, hərbi potensialı günü-gündən artır. Bu gün artıq Azərbaycan ordusunun təminatı baxımından dünya orduları sırasında birinciliyə daxil olan ölkədir. Bu da onu göstərir ki, qısa zaman ərzində əgər sülh missiyası ilə ərazilərimizin işğaldan azad olunması baş verməsə, Azərbaycan xalqı hazırdır ki, öz ərazilərini hərbi yolla işğaldan azad eləsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bakı Azərbaycanın düşünən beynidirsə, Şuşa döyünən qəlbidir. Biz bilirik ki, bu bizim üçün ağır itkidir. Hörmətli Bahar xanım bəzi çağırışlar etdi və vurğuladı ki, müraciətlər eləməliyik. Bəli, mən də hesab edirəm ki, biz beynəlxalq təşkilatlara çağırışlar da, müraciətlər də eləməliyik.
Mən elə bu kürsüdən istifadə edərək bu çağırışların bəzilərini etmək istəyirəm. Mən türk dövlətlərinə səslənmək istəyirəm ki, Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı ciddi açıqlama versinlər. Belə bir ciddi açıqlamanı TürkPA-dan, İslam Konfransı TürkPA Təşkilatına daxil olan ölkələrdən gözləyirik. Özü də artıq, sadəcə, pisləmə bəyanatları gözləmirik. Yetər artıq. İşğalı kim dəstəkləyəcək ki? Hamı deyəcək ki, işğalı pisləyirik. Biz elə bəyanatlar gözləyirik ki, artıq bu özünü əməldə göstərsin. Adında “islam” olan ölkələr Ermənistanla necə əməkdaşlıq edirlər? 20 ildir, Ermənistan dövləti onların dininə mənsub insanlara öz evlərinə dönməyə icazə vermir. Ona görə deyirəm ki, onlar nəinki açıqlama və bəyanatlar versinlər, həm də Ermənistanla əlaqələrinə ciddi şəkildə yenidən baxsınlar.
TÜRKSOY-a, YUNESKO-ya müraciət edirik. Ermənistan Şuşada etnik təmizləməni başa çatdırıb, oradan azərbaycanlıları qovub. Amma bu gün də orada soyqırımı davam etdirilir. Azərbaycanlılara məxsus bütün izlər silinir. Qəbiristanlıqlarımız, abidələrimiz dağıdılır. Yəni bizim millətin oradakı varlığını yox edirlər. Bu həm də dünya mədəniyyətinə vurulan zərbədir və ona görə beynəlxalq təşkilatlar çox ciddi şəkildə təzyiq dolu açıqlama və bəyanatlarla çıxış etməlidirlər. Sadəcə olaraq, deyirik ki, açıqlamalar artıq yetərli deyil. Biz, eyni zamanda, BMT-dən tutmuş Avropa Şurasına qədər beynəlxalq təşkilatlara müraciət edirik ki, ən azı özünüzün qəbul etdiyiniz qətnamələrə hörmət edin. Qəbul etdiyiniz qətnamələr 20 ilə yaxındır, kağız üzərindədir və siz onların həyata keçməsi üçün ciddi addımlar atmırsınız.
Təbii ki, biz bunu tələb edirik və gözləyirik də. Amma mən beynəlxalq təşkilatların gəlib bizim torpaqlarımızı işğaldan azad edəcəyinə inanmıram. Hamı bilir ki, torpaqlarımızı işğaldan özümüz azad edəcəyik. Hamımız da bilirik ki, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik, çünki Ermənistan bizə başqa bir yol, variant buraxmır. Beynəlxalq təşkilatların laqeydliyi də Azərbaycana başqa yol buraxmır. Azərbaycan bu münaqişəni sülh, danışıqlar yolu ilə həll etmək istəyir, amma çox təəssüf ki, bizə qarşı eyni münasibəti görmürük.
Azərbaycan, təbii ki, güclənir. Ermənilərin əsas məqsədi nə idi? Bir zaman mən jurnalist olanda onların Qarabağ üzrə nümayəndələrindən biri üstüörtülü şəkildə belə demişdi: Şuşasız doğulan, onu görməyən azərbaycanlılar çoxalacaq, Şuşaya köçürülən ermənilərin sayı artacaq və gələcəkdə münaqişənin tənzimlənməsində bu, ermənilərin xeyrinə işləyən bir faktor olacaq. Amma hər kəs Mübariz İbrahimovun simasında gördü ki, xeyr, bu belə deyil; Azərbaycanda yeni bir gənclik böyüyür. Onlar Biləsuvarda, Gəncədə, Bakıda doğulsalar da, Şuşa, Qarabağ üçün canlarını qurban verməyə hazırdırlar. Həm çalışacaqlar, həm də yeri gələndə öləcəklər də.
Mən hesab edirəm, biz bu çağırışla bərabər, öz içimizdə də ruh yüksəkliyini yaşatmalıyıq. Ziyafət müəllim, biz mütləq işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməliyik. Bəzi şirkətlər, siyasətçilər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərirlər. Konsertlər verirlər. O adamlar bilməlidirlər ki, yalnız bu gün yox, 10 il sonra da onlar Azərbaycanda arzuolunmaz şəxslər olacaqlar. Ona görə onlar kiçik maraqlarını böyük maraqlarına qurban verməməlidirlər.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqq səsinin daha aydın eşidilməsinin təmin olunması məqsədi ilə ardıcıl və səmərəli siyasət aparılır.
Azərbaycanın bu məsələdə beynəlxalq hüququn tələblərinə və ölkəmizin ərazi bütövlüyünü qəbul edən dünya birliyinin dəstəyinə əsaslanan xarici siyasəti Ermənistanı işğal etdiyi torpaqlardan əl çəkməli olması reallığı qarşısında qoyub. Bunun nəticəsidir ki, Ermənistan danışıqlar prosesində manevrlər və mən hətta deyərdim ki, imitasiya edir. Azərbaycanın nizamlama prosesindəki birmənalı mövqeyini bilə-bilə təxribat xarakterli bəyanatlar verir. Bununla da sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir.
Təbii ki, həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən Azərbaycandan xeyli zəif olan Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilir. Azərbaycan dövlətinin qətiyyəti, artan iqtisadi imkanları fonunda digər sahələrdə əldə etdiyi nailiyyətlər Ermənistanın bu cəhdlərinin də faydasız qalacağını göstərir. Hesab edirəm ki, Ermənistan Azərbaycan dövləti ilə ideoloji sahədə aparılan mübarizədə geridə qalır. Azərbaycan öz sözünü, fikrini, mövqeyini açıq şəkildə ortaya qoyur və bunu qətiyyətlə müdafiə edir. Bu mənada cənab Prezidentin Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncam çox vacibdir. Hesab edirəm ki, bu sərəncam Azərbaycanın beynəlxalq aləmdə apardığı ideoloji işin daha yüksək nəticələr verməsinə hesablanıb. Burada diqqəti çəkən vacib məqamlardan biri keçiriləcək tədbirlərin daha çox beynəlxalq ictimaiyyətə ünvanlanmasıdır ki, bu istiqamətdə aparılan ardıcıl tədbirlərin daha böyük nəticələrini yaxın gələcəkdə daha aydın müşahidə edəcəyik. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Sahibə xanım. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Hörmətli millət vəkilləri, Azərbaycanın çoxəsrlik tarixində şərəfli səhifələr də və çox təəssüf ki, faciəvi səhifələr də çoxdur. Xalqımızın tarixinin faciəvi səhifələrinin bəlkə də ən birincisi Şuşanın itirilməsidir. Şuşa bizim gen yaddaşımızın ayrılmaz bir hissəsidir. Şuşa əsrarəngiz, ecazkar Azərbaycan mədəniyyətinin ümumiləşdirilmiş bir simvoludur. Şuşanın itirilməsi hər bir azərbaycanlının qəlbinə sağalmaz yara vurdu. O zamanlar bir kiçik uşağın dilindən eşitdiyim 4 misranı mən burada səsləndirmək istərdim. Uşaq o itkini belə ağrılı yaşadı:

Alınmaz qalalar vardır,
Şuşasız dünya bizə dardır.
Şuşasız yaşamaq bizə ardır,
Alınmaz qalamız düşmən əlində.

Burada bir çox fikirlər səsləndi, mən onların hamısı ilə şərikəm. Ehtiyat edirəm ki, birdən vaxt çatmaz, ona görə təklifimi səsləndirmək istəyirəm. Mən təklif edərdim ki, 8 may, Şuşanın işğalı günü təqvimdə xüsusi fərqləndirilsin və bu, itirilmiş torpaqlarımıza – Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Ağdama, Zəngilana, Qubadlıya, Kəlbəcərə qayıdış günü kimi qeyd olunsun. Həmin gün xüsusi tədbirlər, müsabiqələr keçirilsin və gənc nəsildə daim bu ideya yaşadılsın ki, biz mütləq və mütləq o torpaqlara qayıdacağıq.
Ötüb keçənləri yada salanda bir daha özümüzə sual veririk ki, nədən bu hadisələr baş verdi? Düşmən düşməndir. Yüz illiklərdir, gözünü bizim torpağa dikmişdi. Düşmən bu torpaqları işğal elədi. Mən hesab edirəm ki, o torpaqların işğalında özümüzün də çox böyük günahı oldu. Şuşanın müdafiəsinə cavab verən, ölkədə hərc-mərclik, xaos yaradan insanlar daha çox məsuliyyət daşıyırlar. Ən azından hər bir azərbaycanlı Şuşanın itirilməsində mənəvi məsuliyyət daşıyır. Görünür, biz o torpaqların qədir-qiymətini, dəyərini kifayət qədər bilmədik. Şuşadan bir qədər uzaq düşdük, o torpaqlara bağlılığımızı qoruyub saxlamadıq. Mən Şuşa uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hesab edirəm ki, Pənahəli xanın, Bülbülün, Üzeyir Hacıbəyovun və əslən Şuşadan olan digər görkəmli insanlarımızın ruhu narahatdır. Onların ruhunun və bütün xalqımızın rahatlıq tapması, Azərbaycan xalqının özünə inamının bərpa olunması üçün biz mütləq və mütləq Şuşaya yenidən qayıtmalıyıq. Diqqətiniz üçün sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən burada səslənən birlik çağırışları ilə bağlı istəyirəm, bildirəm ki, bunun üçün əsaslı şəkildə davranışlar nümayiş etdirmək la-zımdır? Nəyi nəzərdə tuturam? Biz gerçəkdən vəziyyəti dəyişmək istəyiriksə və sadəcə, ildönümü münasibətilə danışmırıqsa, daxili resurslarımızı toparlamalıyıq. Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda bir çərçivə müəyyənləşdirilib. Misal üçün, maddi prinsiplər və onun son variantı müəyyənləşib. Amma Azərbaycan cəmiyyətində bütün qüvvələri bir araya gətirmək üçün bir çərçivə sənədinin hazırlanmasını çox vacib hesab edirəm. Başda hakim partiya olmaqla Azərbaycan cəmiyyətində təşkilatlanmış bütün strukturlar, partiyalar və qeyri-hökumət təşkilatları bu sənədə imza qoya bilərlər. Bu sənəddə Qarabağ məsələsinin həlli aydın şəkildə göstərilməlidir.
Bunun əhəmiyyəti nədir? Əvvəla, Qarabağ məsələsindən hakimiyyət uğrunda mübarizədə kimsə istifadə eləməsin. Üstəlik də Azərbaycana qarşı olan xarici təzyiqlər təkcə hakimiyyətə yox, Azərbaycana təzyiq kimi qəbul olunsun və xaricin qarşısında Azərbaycanın siyasi iradəsinin nədən ibarət olduğu göstərilsin. Ermənistan–Azərbaycan danışıqlarında da bu sənəd prioritet götürülsün və bizim istəklərimiz də ortaya qoyulsun. Həm daxildə barış, həm də Azərbaycanın xarici qüvvələrin təzyiqləri qarşısında dayanıqlı olması üçün bu sənədin vacibliyinə mənim bir inamım vardır.
Mən hesab edirəm, bu sənəd hazırlanandan sonra biz artıq beynəlxalq təşkilatlara da, Ermənistanın özünə də, nəhayət, işğal etdiyi Azərbaycan torpaqlarını tərk eləməsi haqqında kəskin şəkildə münasibət bildirməliyik, vaxt qoymalıyıq. O vaxt texniki məsələlərin həlli ilə bağlı olmalıdır. Məsələn, ermənilər geri çəkiləndə kommunikasiya sistemləri necə geri çəkilməlidir, minalanmış sahələr necə boşaldılmalıdır və sair. Çünki BMT-nin 4 qətnaməsi, 2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyasının iki tövsiyəsi vardır, həyata keçirilmir. Ərazilərimizdə hətta məskunlaşma prosesi gedir. Bayaq burada həmkarlarımdan biri də səsləndirdi, biz artıq təzminat davası ilə bağlı işğal edilmiş ərazilərimizdə olan bütün itkilərimizi hesablamalıyıq və bunu beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Bunun da zamanı çatıb.
Mən istərdim, bir məsələ ilə bağlı da fikrimi bildirim. Burada Şuşanın və yaxud digər ərazilərimizin itirilməsində daxili faktorlar axtarmağa daha çox yer verməyimiz, məncə, yanlışdır. Bir vaxt Xocalı ilə bağlı bəzi jurnalistlərin bu tipli araşdırmaları ermənilərin əlinə ciddi şəkildə tutarqa vermişdi. Azərbaycan əraziləri Rusiyanın və Ermənistanın hərbi hissələri tərəfindən işğal olunub. Bu birmənalı şəkildə bildirilməlidir və göstərilməlidir. Mən hesab edirəm ki, biz gerçəkdən daxildə birliyə nail olmaq üçün bu yanaşmadan imti-na eləməliyik.
Mən bu müzakirələrin sonunda ciddi sənəd olaraq bir bəyanatın qəbul olunmasından daha çox, ekspertlər qrupunun dediyim çərçivə sənədini hazırlamaq haqqında düşünməsini, təzminat davası açmaq üçün materialların toplanılmasını və ermənilərin Azərbaycan torpaqlarını tərk etmələri ilə bağlı müddət məsələsinin qoyulmasını təklif edirəm. Biz müdafiə mövqelərimizdən çıxmayınca, haqlarımızı istəməyincə Ştrasser kimi adamlar üzərimizə gələcəklər və qarşımıza tələb qoyacaqlar. Azərbaycanın itirilmiş əraziləri geri qaytarılmadığı, 1 milyondan çox adamın hüququ müdafiə olunmadığı, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr həyata keçirilmədiyi halda, təbii ki, biz əks zərbələr yemiş olacağıq. O mənada verdiyim təkliflərin nəzərə alınmasını xahiş edi-rəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mən öncə bir məcburi köçkün kimi Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələnin gündəliyə salınmasına görə Milli Məclisin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu gün ürəkağrısı ilə Şuşanın işğalının 20 illiyini müzakirə edirik. Mən deyərdim ki, işğal 1992-ci il 8 may tarixindən başlamayıb. Şuşanın işğalına gedən yol Qaradağlıdan, Xocalıdan və digər yaşayış məntəqələrindən keçib.
Burada səsləndi ki, işğalın müxtəlif səbəbləri var. Əlbəttə, bu ilk növbədə rus-erməni qoşun birləşmələrinin günahıdır. Ermənilərin, onların apardığı ideologiyanın günahıdır. Şuşanın əsasını Pənahəli xan qoyub və əvvəllər Şuşa Pənahabad adlanırdı. Bəyəm erməni dilində “abad” sözü var? Bu, azərbaycanlılar tərəfindən yaradılmış bir qala idi.
1918-ci ildə də ermənilərin hücumlarına məruz qalan Şuşa çox kiçik bir dəstə ilə müdafiə olunmuşdu. O vaxt ermənilər Şuşa qalasına girə bilməmişdilər. Amma 1992-ci ildə uzun müddət Ağdam yolu kəsilmişdi, yalnız Laçın yolu vasitəsilə Şuşaya gediş-gəliş var idi. Görünür ki, Şuşanın işğalında müəyyən qüvvələrin də marağı vardı. Hakimiyyət uğrunda dava gedirdi. Şuşanın işğalı günü Azərbaycana rəhbərlik edən Yaqub Məmmədov İranda idi. O, eyni zamanda, prezident səlahiyyətlərini də həyata keçirirdi. Burada məsə-lələr aydındır.
Mən Şuşaya aid çıxışımı Prezident möhtərəm İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Biz yaxın gələcəkdə Şuşada, Xankəndində öz bayrağımızı ucaldacağıq”.
O ki qaldı Almaniya məsələsinə, bilirsiniz, oradakı müəyyən qüvvələr Azərbaycanın əleyhinə təbliğat aparırlar. Bu da çox güman ki, erməni lobbisi tərəfindən həyata keçirilir və ola bilsin, bunun arxasında maddi maraq da durur. Məsələn, elə “Mir” kanalını götürək. Guya bu kanal Müstəqil Dövlətlər Birliyi üçün yaradılıb. Mən Xocalının faciəsinin 20 illiyi qeyd olunan gün o kanalı izlədim. Cənab Prezidentin rəhbərliyi altında təşkil olunan yürüşü epizodik şəkildə göstərdilər. Amma 24 apreli – ermənilərin qondarma soyqırımını bütöv şəkildə verdilər. Bunun səbəbi nədir? Səbəb odur ki, “Mir” telekanalında çalışanların yarısı ermənidir. Belə olan halda onlar müxtəlif şayiələr və böhtanlar ataraq öz niyyətlərini həyata keçirirlər.
Mən 2005-ci ildə 5 ay Almaniyada işləmişəm. Orada Sosial demokratların “Şpigel” jurnalı var. O zaman da Azərbaycan və onun rəhbərliyi haqqında böhtanlar yazırdılar.
Bu yerdə xristian-müsəlman, sivilizasiyalar məsələsinə toxunmaq istəyirəm. Bu yaxınlarda Avronest PA-nın sessiyasında Hollandiyanın keçmiş Baş naziri dedi ki, Avropanın, Amerikanın və Rusiyanın başları müsəlmanlara qarışıb, Çin dünyanın yarısını alıb. Bilirsiniz, burada dinlərin də rolu var. O ki qaldı Almaniyaya, deyim ki, orada Humbeldt Fondu var. Hər il təxminən yüzə yaxın Azərbaycan vətəndaşı Almaniyanın aparıcı universitetlərində təhsillərini davam etdirir. Çox gözəl də münasibət var. Hazırda rəhbərlik etdiyim kafedraya bir alman professoru gəlib. 10 gündür, bizim tələbələrə mühazirə deyir. Almaniya səfirliyi hələ də onu qəbul etməyib. O öz vətəndaşına da bu cür münasibət göstərir. Onlardan çox şey ummaq lazım deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, mən hesab edirəm, biz bu məsələni kifayət qədər müzakirə elədik. Doğrudan da, ağrılı bir mövzudur. Hamımız istəyirik ki, öz fikirlərimizi bölüşək. Amma iclasın əvvəlində hörmətli Sədr qeyd etdi ki, bir müraciət hazırlanıb. Həmin müraciəti səsləndirmək üçün Bahar xanıma söz veririk. Bahar xanım, buyurun.
B.Muradova. Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti.
20 il bundan əvvəl, 1992-ci il mayın 8-də Azərbaycan Respublikasının Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşa şəhərinin işğalı Azərbayca-nın Dağlıq Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistan Respublikasının həyata keçirdiyi hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Erməni millətçilərinin Dağlıq Qarabağda apardıqları etnik təmizləmə Şuşa şəhərinin azərbaycanlı əhalisinin qovulması ilə başa çatdırılmışdır.
Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Qarabağ xanının iqamətgahı və Qarabağ xanlığının inzibati mərkəzi olmuşdur. Bu şəhər Azərbaycanın dövlətçilik tarixində, ictimai-iqtisadi və mədəni-siyasi həyatında son dərəcə mühüm rol oynamışdır.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgələrindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti, o cümlədən Xocalı faciəsini törətmişlər.
Məlum olduğu kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məqsədi ilə 1992-ci ilin mayında ATƏT-in Minsk qrupu yara-dılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilmişdir.
Təəssüf ki, beynəlxalq təşkilatların Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aktlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Əgər vəziyyətin bu cür qalmasının bir səbəbi Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsidirsə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərini qulaqardına vuran, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməməsidir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasıni və dünya parlamentlərini, münaqişənin həl-lində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcəkdir. Bu qədər, sağ olun.
Sədrlik edən. Sağ olun, Bahar xanım, təşəkkür edirəm, əyləşin. Nizamnaməyə görə biz müraciəti səsə qoymalıyıq. Əgər kimin təklifi varsa, yazılı surətdə Bahar xanıma təqdim edə bilər. Xahiş edirəm, münasibət bildirəsiniz.
Hörmətli deputatlar, təklif var ki, tənəffüssüz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edirik. Bugünkü gündəliyimizin həcmi o qədər də böyük deyil. Hesab edirəm, saat yarıma biz işimizi yekunlaşdıra bilərik.

Səsvermənin nəticələri  (saat 14.07 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bu, sırf qanun yaradıcılığı texnikası baxımından atılan addımdır. Psixiatriya yardımı ilə bağlı olaraq xüsusi qanun artıq qəbul edilib. Biz həmin qanunda müəyyənləşdirilən müddəalar əsasında digər qanunlara da dəyişikliklər edirik. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda edilən dəyişiklik də bunlardan biridir. 25-ci maddəyə bir abzas, 32-ci maddəyə isə bir cümlə əlavə edilibdir. Mən vaxt alıb bu cümlələri oxumaq istəmirəm. Bütövlükdə hər iki cümlənin mahiyyətində pasiyentin, psixi xəstənin hüquqlarının qorunması durur.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Bu dəyişiklik Hadi müəllimin məruzə etdiyi məsələ ilə üzvi surətdə bağlıdır. “Məcburi” sözü “qeyri-könüllü” sözü ilə əvəz olunur. Çünki qanunvericiliyimizdə artıq belə bir ifadə yoxdur. Bu dəyişiklik də pasiyentin hüquqlarının müdafiəsinə xidmət edir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyənlər var. Leyla Abdullayeva, buyurun.
L.Abdullayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, Milli Məclisin gündəliyinə əhaliyə psixiatriya yardımının göstərilməsi ilə bağlı qanunlarda dəyişiklik-lərin edilməsi haqqında məsələlər çıxarılmışdır. Buraya həm psixiatriya yardımı, həm də əhalinin sağlamlığının qorunması ilə bağlı qanunlarda edilən dəyişikliklər aiddir. Eyni zamanda, ombudsmanın və Milli preventiv qrup üzvlərinin psixiatriya müəssisələrinə maneəsiz daxil olması ilə bağlı müddəa da parlament tərəfindən qəbul edilmişdir. Bu gün həmin məsələ ilə əlaqədar bir neçə dəyişikliyi də nəzərdən keçiririk. Şübhəsiz ki, bu müddəalar ümumilikdə həm əhalinin keyfiyyətli tibbi yardım almaq hüququ, həm də əsas insan hüquqlarının təminatı məsələsi ilə əlaqədardır. Mən iki məsələyə diqqət çəkmək istəyirəm.
Birincisi Mülki Prosessual Məcəllə ilə bağlıdır. Bu Məcəllənin 335-ci maddəsinə görə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəni məhkəməyə onun ailə üzvləri, himayəçiləri və müalicə müəssisəsinin rəhbəri verə bilər. Amma son zamanlar mətbuatda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin cinayət törətmələri ilə bağlı məlumatlara rast gəlirik. Xüsusilə regionlarda insanlar bəzən biabır olmamaq üçün yaxınlarını belə müəssisələrdən gizlədirlər. Dispanserlərdə qeydiyyatdan qaçırlar. Həmin şəxslər isə sonradan müxtəlif cinayətlər törədirlər. Bu baxımdan təklif edərdim ki, məhkəməyə ərizənin verilməsi hüququ bu qədər məhdudlaşdırılmasın və psixi pozuntusu olan şəxsin hərəkətlərindən gələcəkdə ziyan görə biləcək potensial zərərçəkənlərə də aid edilsin. Buraya onun qonşuları, işlədiyi kollektivin üzvləri və sair də aid ola bilərlər. Onsuz da istənilən halda qeyri-könüllü yerləşdirmə məhkəmənin qətnaməsindən asılıdır. Qanunvericilikdə isə məhkəmənin ədalətli qərar qəbul etməsi üçün mexanizm mövcuddur.
İkinci qeydim isə 338.1-ci maddə ilə bağlıdır. Baxmayaraq ki, “məcburi” sözü “qeyri-könüllü” sözü ilə əvəz olunub, bu maddədə yenə “məcburi yerdəyişmə” terminindən istifadə olunur. Bunu da “qeyri-könüllü” sözü ilə əvəz etmək məqsədəuyğun olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, Ziyafət müəllim. Qısaca olaraq iki təklifi nəzərinizə çatdırmaq istəyirəm. Burada Mülki Prosessual Məcəllənin 335-ci maddəsində yerləşdirmə ilə bağlı müddəalar, təbii ki, doğrudur. Amma 338.1-ci maddədə göstərilən “şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi” cümləsi, məncə, “şəxsin psixiatriya stasionarında qeyri-könüllü saxlanılması” cümləsi ilə əvəz olunmalıdır. Çünki yerləşdirilmə artıq bir dəfə baş veribdir, sonrakı mərhələdə şəxsin yerləşdirilməsindən yox, saxlanılmasından söhbət gedir. Eyni dəyişiklik sonuncu maddənin birinci cümləsində də edilməlidir. Yəni “şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddəti” cümləsi “şəxsin psixiatriya stasionarında məcburi saxlanılması müddəti” cümləsi ilə əvəz olunmalıdır. Bilmirəm, bəlkə də Əli müəllim bunun təfsirini başqa cür verər, amma mən düşünürəm ki, xəstənin yerləşdirilməsi bir müddəada artıq göstərilibdir, söhbət saxlanılmasından gedir. Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, cavab vermək istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə məlumat verir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, “Mühasibat uçotu haqqında” Qanun bir neçə il bundan qabaq qəbul edilmişdir. Son illər Azərbaycanda şəffaflığın artırılması istiqamətində mühüm işlər görülür, təklif olunan dəyişikliklər də məhz bu məqsədlərə xidmət edir.
“Mühasibat uçotu haqqında” Qanunun 12.1-ci maddəsinə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” cümləsi əlavə edilir. Bu cümlənin də mahiyyəti ondan ibarətdir ki, Nazirlər Kabineti 2010-cu ildə Mühasibat uçotu haqqında qəbul etdiyi qərarına müvafiq dəyişikliklər edəcəkdir. Bu dəyişikliklər də heç şübhəsiz ki, mühasibat uçotu işinin yerlərdə təkmilləşdirilməsinə xidmət göstərəcəkdir.
Daha bir dəyişiklik 12.2-ci maddə ilə əlaqədardır. Əvvəllər qayda belə idi ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən şəxslər, yalnız müraciətdən sonra hesabat verirdilər. Təklif edilən dəyişikliyin mahiyyəti isə ondan ibarətdir ki, hesabatlar qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına nəzərdə tutulmuş qaydada təqdim edilməlidir.
“Mühasibat uçotu haqqında” Qanunun 16-cı maddəsində hesabatın dərc edilməsi nəzərdə tutulmurdu. Ancaq beynəlxalq təşkilatlar, eləcə də sanballı şirkətlər Azərbaycanla iş quranda tələb edirlər ki, maliyyə hesabatları mütləq mətbuatda dərc olunsun. Ən vacib dəyişikliklərdən biri də bu məsələ ilə bağlıdır. Yəni 16-cı maddəyə belə bir bənd əlavə edilir: “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, uçot sənədlərinin saxlanması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”. Bu çox ciddi dəyişiklikdir. Komitənin adından təklif edirəm ki, qanun layihəsi səsə qoyulsun.
Sədrlik edən. Ziyad müəllim, zəhmət olmasa, 5-ci məsələni – Vergi Məcəlləsində edilən dəyişiklikləri də məruzə edin, səsverməni sonra ayrı-ayrı aparaq.
Z.Səmədzadə. Vergi Məcəlləsinin 16.1.8.17, 33.1, 149.1.4, 151.1, 150.3-cü maddələrinə “xüsusi notariuslar” sözləri əlavə edilir. Bilirsiniz ki, “Notariat haqqında” Qanun qəbul edilib və “xüsusi notariuslar” anlayışından burada istifadə olunub.
Digər bir dəyişiklik isə ondan ibarətdir ki, xüsusi notariuslar vergitutma obyekti kimi qeydə alınır və bu obyektdən gördüyü işlərə görə 10 faiz dərəcə ilə vergi tutulur. Həmin yeni vergitutma obyektləri də müvafiq bəyannaməni göstərilmiş müddətdə təqdim etməlidir. Yəni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, notariuslar vergitutma obyekti kimi qiymətləndirilir və onların vəzifələri müəyyən edilir. Vergi mədəniyyətinin, işinin, inzibatçılığının təkmilləşdirilməsi üçün müvafiq bəyannamə əldə edəcəklər. Hesab edirik ki, bu dəyişikliklər yeni bir strukturun normal fəaliyyəti üçün imkan yaradacaqdır. Digər dəyişikliklər texniki xarakter daşıyır.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Vergi Məcəlləsində edilən bu dəyişikliklər kiçik görünsə də, mahiyyəti baxımından çox vacibdir.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl notariat orqanlarında həm qanunverici, həm də praktik islahatlara başladıq. Özəl, xüsusi notariusların yaradılması ilə bağlı ideya çoxdan mövcud idi, ancaq onun reallaşdırılması bu yaxınlarda baş verdi. Faktik olaraq xüsusi notariuslarda işə qəbul prosesi başlayıb və ümumi test əsasında həyata keçirilir.
Müzakirə olunan dəyişiklik çox əhəmiyyətlidir, çünki söhbət xüsusi notariusdan, özəl fəaliyyətdən gedir. Bu notariusların sayı getdikcə artacaq. Ona görə ki, Azərbaycan iqti-sadi baxımdan sürətlə inkişaf edir və insanlar da çoxlu sayda müqavilələr bağlayıb, mülki qanunvericiliklə tənzimlənən müxtəlif notariat hərəkətləri edirlər. Dövlət notariusu heç fiziki baxımdan da bunları çatdıra bilmir.
Hesab edirəm ki, qanunvericilikdə buna özəl, xüsusi fəaliyyət növü kimi baxılması tamamilə düzgündür. Müəyyən mənada gəlirli bir sahə yarandığına görə onlar həm də vergi ödəyiciləri olmalıdırlar. Yəni demək istəyirəm ki, Vergi Məcəlləsində notariuslarla bağlı dəyişiklik edilməsi büdcəyə kifayət qədər ciddi maliyyə axınının gəlməsinə səbəb olacaq. Çünki münasibətlər inkişaf etdikcə, insanlar bir çox müqavilələri xüsusi notariuslarda həyata keçirəcəklər və bununla da həmin notariuslar vergi ödəyiciləri kimi dövlət büdcəsinə fayda vermiş olacaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də Əli müəllimin fikirlərini davam etdirmək istəyirəm. Ayrı-ayrı dövlətlərdə bu sahəyə çoxdan keçilib. Məsələn, Rusiyada özəl notariusların fəaliyyəti nəticəsində dövlət büdcəsinə gələn gəlirlərin miqdarı xeyli artıbdır.
Azərbaycanın regionlarında da bunların inkişaf etdirilməsi vacib şərtlərdən biridir. Məsələn, mənim deputat seçildiyim ərazi – Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokada şəraitindədir və belə şəraitdə yaşadığına görə də bir-iki notariusla bu məsələlərin hamısını həll etmək olmur. Onlar bəzən məsafə qət edərək Bakıya gəlirdilər və sair. Amma artıq orada özəl notariat orqanlarının və vətəndaşlar arasında bağlanan müqavilələrin olması bu məsələyə çox yaxından kömək edəcəkdir.
Biz indi Vergi Məcəlləsində bu dəyişikliyi aparırıq, ancaq hesab edirəm ki, vəkillik institutunun da özəl sahədə genişlənməsinə böyük ehtiyac var. Digər dövlətlərdə hər bir şəxsin, fərdin və yaxud hüquqi şəxsin, vətəndaşın ailəsinin və ya ümumiyyətlə, hüquqi şəxs olan müəssisəsinin, təşkilatının vəkillik institutu var. Bu sahədə əldə olunan kifayət qədər gəlir dövlət büdcəsinə gedir. Hesab edirəm ki, Azərbaycanda da bu institutun genişləndirilməsinə xüsusi ehtiyac var, bunlar olmalıdır. Bunun sayəsində dövlət büdcəsinə gələn gəlirlər digər sahələrə sərf oluna bilər. Bu baxımdan da qanunda edilən dəyişiklikləri vacib hesab edirəm və həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Həqiqətən də, notariuslarla bağlı, eyni zamanda, vergi istiqamətində qanunvericiliyə edilən dəyişiklikləri çox müsbət qiymətlən-dirirəm. Ümumiyyətlə, notariusların fəaliyyəti bir çox hallarda keçmiş sovet dövrünü xatırladırdı. Ona görə bununla bağlı dəyişikliklər, təbii ki, artıq yeni bir statusun yaranma-sına gətirib çıxaracaqdır.
Mən çox istərdim ki, notariusların təyinatı və bu statusun verilməsi ilə bağlı xüsusi nəzarət mexanizmi yaradılsın. Burada vurğulandı, çox yaxşı olar ki, notariusların fəaliyyəti artıq pərakəndə yox, sistemləşmiş şəkildə istiqamətləndirilsin. Yəni artıq bu, subyektə çevrilib və notariusların açılmasına böyük bir maraq olacaq. Ona görə hesab edirəm ki, bu istiqamətə sistemli şəkildə yanaşma olmalıdır və eyni zamanda, regional bölgülərdə də nəzərə alınmalıdır. Elə ərazilər var ki, orada bir neçə notarius fəaliyyət göstərir, hamısı da bir-birinin yanında yerləşir. Bəlkə də buna o qədər ehtiyac da olmur.
Bu dəyişiklik, eyni zamanda, rəqabət mühiti də yaradacaq. Notariuslar düzgün şəkildə fəaliyyət göstərib insanları cəlb etməyə çalışacaqlar. Çünki bu, artıq, demək olar ki, sahibkarlıq istiqamətidir. Ona görə mən də dəyişiklikləri dəstəkləyirəm və düşünürəm ki, notariuslarla bağlı hələ bir neçə dəyişiklik də etməliyik. Yəqin ki, yaxın zamanlarda müvafiq komitələrdə bu istiqamətdə müzakirələr olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Əslində, mənim çıxışım bu məsələ ilə yox, bundan qabaq Hadi müəllimin təqdim etdiyi məsələ, psixiatriya yardımı ilə əlaqədardır. Sadəcə, iclası fasiləsiz keçirdik deyə bir az gec oldu. Həmin qanunda dəyişiklik nəzərdə tutulmur, ancaq bir sualım var. Demirəm indi cavab verəsiniz, ancaq hər halda bu haqda fikirləşməliyik.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində belə bir müddəa var: “Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər”. Biz, yəqin ki, nikaha girənlərin sağlamlığı haqqında arayış məsələsini müzakirə edəcəyik. Sözsüz ki, nikaha girən insanlar digər tərəfin xəstəliyini öyrənməyə maraqlıdırlar ki, bilsinlər, onda QİÇS, psixi, ruhi və digər xəstəliklər var, ya yox? Belə olan halda bu iki məsələ ilə əlaqədar ziddiyyət yaranmayacaqmı?
İkinci təklifim texniki təklifdir və həmin qanunun 32-ci maddəsi ilə bağlıdır. Burada yazılır: “İlkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növüdür”. Eyni zamanda, həmin maddənin axırında göstərilir ki, özəl tibbi müəssisələrdə bu, müəyyən müqavilələrlə olmalıdır. Mən təklif edərdim ki, burada “ilkin tibbi-sanitariya yardımı vətəndaşa dövlət müəssisələrində göstərilir” yazılsın. Yəni “dövlət” sözü əlavə olunsun, dövlətlə özəl fərqlənsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Biz bu qanun layihəsini artıq səsə qoymuşuq, amma suallar doğuran məqamlar varsa, iclasdan sonra Hadi müəllimlə bir yerdə aydınlaşdırarsınız. İlham Əliyev, buyurun.
İ.Əliyev. Çox sağ olun, təşəkkür edirəm, Ziyafət müəllim. Mən də notariuslar haqqında fikrimi bildirmək istərdim. Doğrudan da, uzun illərdir, nəinki Bakı Dövlət Universiteti, eləcə də kommersiya yönümlü başqa universitetlərdən saysız hüquqşünaslar məzun olurlar. Onların hamısını işlə təmin etmək bir qədər çətindir. Onlar hüquqşünas kimi fəaliyyət göstərə bilmirlər. Özəl notariusların yaradılması bu ordunun sıralarında sayın azalmasına gətirib çıxaracaq. Mən təklif olunan dəyişikliyi dəstəkləyirəm. Amma istəməzdim ki, bu fəaliyyət sırf kommersiya yönümlü olsun. Burada mütləq hüquq sahəsində stajı, hüquq elmindən məlumatı olan insanlar işə götürülməlidirlər. Çünki notariusların fəaliyyətini sırf kommersiyaya çevirsələr, orada insanlar daha çox çətinliklə üzləşəcəklər. Bəli, bu gün mənim deputat seçildiyim 56 saylı Xaçmaz kənd seçki dairəsində cəmi iki notarius var. İnsanlar çox əziyyət çəkirlər. Hansısa bir sənədi qeydiy-yatdan keçirmək üçün uzun yol keçib, avtobusla gəlməli olurlar. Hesab edirəm ki, bu yolla müəyyən kəndlərdə kommersiya notariusları açılacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Amma Əli müəllim burada qeyd etdi, onlar özəl müəssisələr olsalar da, işə qəbul test üsulu ilə keçiriləcəkdir. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.28 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, müna-sibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.28 dəq.)
Lehinə  100
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin sonuncu məsələsi Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verir. Buyurun.
Hörmətli deputatlar, məlumat üçün bildirim ki, bizim bugünkü iclasımızda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri hörmətli Kamran İmanov iştirak edir. Kamran müəllim, xoş gəlmisiniz.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli Milli Məclis üzvləri, müzakirənizə təqdim olunan Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi ölkəmizin həyatında çox vacib bir sahə olan əqli mülkiyyət sahiblərinin maraqlarının qorunması və bu sahədə baş verən hüquqpozmaların qarşısının alınması ilə bağlı fundamental prinsipləri özündə ehtiva edən bir sənəddir. İlk növbədə bu layihənin aktuallığını və zəruriliyini şərtləndirən bir sıra amilləri nəzərinizə çatdırmaq istəyirəm.
Əqli mülkiyyətin qorunmasının hüquqi əsası Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində öz əksini tapıb. Bu sahədə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və sair qanunlar mövcud olsa da, əqli mülkiyyətin qorunmasına vahid və əməli yanaşmanı müəyyənləşdirən ayrıca qanunun qəbul olunmasına böyük ehtiyac duyulurdu. Konstitusiyada təsbit edilmiş hüququn sahəvi qanunla detallaşdırılması, bu hüququn qorunması və pozulması hallarına qarşı mübarizə vasitələrini özündə ehtiva edən ayrıca qanunun qəbulu hüquqi zərurətdir.
Qanun layihəsinin zəruriliyini şərtləndirən ən başlıca amillərdən biri ondan ibarətdir ki, bu layihə “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli sərəncamından qaynaqlanır.
Ümumdünya Ticarət Təşkilatının əqli mülkiyyət hüquqlarının ticarət aspektlərinə dair sazişinin 58-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları pozulduqda aidiyyəti dövlət orqanları öz təşəbbüsləri ilə cinayət işi başlaya bilərlər. Avropanın liberal demokratik dövlətlərində, habelə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və sair MDB respublikalarında əqli mülkiyyət hüquqları pozulduqda müvafiq səlahiyyətli orqanların öz təşəbbüsləri ilə cinayət işi başlamaları üçün müvafiq qanunvericilik aktlarında konkret normalar vardır.
Azərbaycan qanunvericiliyində isə bu məsələ ilə bağlı prokurorluq və müvafiq səlahiyyətli dövlət orqanlarının öz təşəbbüsləri ilə cinayət işi başlamaları üçün müəyyən olunmuş norma yoxdur. Çünki Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının pozulması və bu qəbildən olan cinayətlər xüsusi ittiham qaydasında tətbiq edilən işlər kateqoriyasına aid edilib ki, bunun üçün də hüququ pozulmuş şəxsin, yəni müəllifin şikayət ərizəsi ilə müraciət etməsi vacib şərt hesab olunur. Əgər belə bir müraciət yoxdursa, deməli, cinayət təqibinin başlanmasından da söhbət gedə bilməz. Belə halın davam etməsi müəllif hüquqlarının təminatına lazımi səviyyədə şərait yaratmır.
Bu sahədə mövcud olan rəsmi statistik göstəricilər layihənin zərurətini şərtləndirən əsas amillərdəndir. Belə ki, hazırda Azərbaycanda kitab bazarında piratçılığın səviyyəsi 40 faiz, audiovizual məhsullarda 69 faiz, kompüter proqramı sahəsində isə 88 faiz təşkil edir. Yeri gəlmişkən deyim ki, hazırkı vəziyyət son dövrdə görülən tədbirlərin məntiqi nəticəsidir. Qeyd edim ki, MDB respublikaları ilə müqayisədə Azərbaycanda vəziyyət nisbətən yaxşıdır.
Müəllif hüquqlarının pozulması və piratçılıq yalnız müəllifə deyil, eyni zamanda, istehsalçıya, dövlət büdcəsinə, pirat məhsullardan istifadə edən istehlakçılara da ziyan vu-rur. Belə bir qanun layihəsini müzakirəyə çıxarmaqda məqsəd sanksiyaların sərtləşdirilməsi yox, ölkədə əqli mülkiyyət hüquqlarına riayət edilməsi mədəniyyətinin formalaşdırılmasıdır. Beləliklə, əqli mülkiyyət hüquqları sahiblərinin mənafelərinin hüquq müdafiə prinsiplərinə uyğun şəkildə qorunması baxımından bu layihənin çox əhəmiyyətli və vacib olduğunu bir daha vurğulamaq istəyirəm.
Qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Layihənin preambulası birbaşa onun mahiyyətini açıqlayır. Əsas anlayışların və qanunvericiliklə bağlı müddəaların təsbit edildiyi 1-ci fəsildə ümumi müddəalar nəzərdə tutulur. Bu fəslin 1-ci maddəsində əsas anlayışlar, 2-ci maddəsində isə qanunun tətbiqi sahəsi verilib.
Layihənin 2-ci fəsli əqli mülkiyyət hüquqlarının pozulması zamanı mülki, hüquqi, inzibati prosedurlar və müdafiə vasitələrinin işlək mexanizmini ehtiva edir. Yəni bu fəsildə əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edən prosedurların ədalətli və sadə müstəvidə tətbiqi müəyyən edilir. Eyni zamanda, həmin fəslin ayrı-ayrı maddələrində dövlət siyasətinin bu sahədəki əsas istiqamətləri, yəni informasiya hüququ, vurulmuş ziyanın ödənilməsi, məhkəmə qərarlarından irəli gələn tədbirlər, məhkəmə qərarlarının açıqlanması, iddianı təmin etmək üçün tədbirlər, sərhəd tədbirləri, inzibati və cinayət prosedurları da təsbit edilmişdir.
3-cü fəsil “Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin piratçılıq yolu ilə istehsalına və yayılmasına qarşı inzibati tədbirlər“ adlanır. Fəslin qeyd olunan adla verilməsi bilavasitə bu sahə üzrə ümumi normaları özündə birləşdirən beynəlxalq sənədlər və onların milli qanunvericiliyə implementasiyası ilə əlaqədardır. Əslində, inzibati xətaların törədilməsinə görə tətbiq edilən tənbeh tədbirlərinin spektoru genişlənib və belə bir vəziyyətdə piratçılıq məhsullarını satmaq heç də əlverişli olmayacaq.
3-cü fəsildə qeyd olunan hallarla yanaşı, inzibati tədbirlərin həyata keçirilməsi üçün mexanizmlər də nəzərdə tutulmuşdur. Bu qanunun gələcəkdə müəllif hüquqları ilə bağlı qüvvədə olan bütün qanunlarla əlaqəli işləməsi, müəllif hüquqlarının yalnız əmlakla bağlı olan hissəsinə aid edilməsi, habelə pozulmuş hüquqların müdafiə mexanizmlərini özündə ehtiva etməsi onun xarakterik cəhətləri kimi qiymətləndirilməlidir.
Hörmətli həmkarlar, nəzərinizə təqdim edilən bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə diqqətlə öyrənilib və bir sıra beynəlxalq təşkilatların müsbət rəyi alınıb. Amma bu layihə Azərbaycan qanunvericiliyi üçün yenidir, ona görə onun mükəmməl olmasını iddia etmək fikrində deyilik. Sizin müzakirələr zamanı söyləyəcəyiniz hər bir təklif üzərində diqqətlə işləyib birgə səylə layihəni mükəmməlləşdirmək niyyətindəyik. Ona görə də həm öz adımdan, həm də komitəmizin hər bir üzvü adından hər birinizin söyləyəcəyi təklifə görə qabaqcadan təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Hikmət müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Rafael müəllimin məruzə etdiyi məsələ barədə sualım var. İstərdim, bununla bağlı araşdırma aparılsın. Bu gün təhsil-tədris sahə-sində çox kitablar çıxır. Məsələn, hansısa yeni müəllif tərəfindən yazılmış, anatomiya, həndəsə və digər dəqiq elmlərə aid kitablar çıxır. Sözsüz ki, anatomiya kitabı təzədən yazılmır, oraya ancaq bir neçə yeni fikir əlavə olunur. Amma bütövlükdə yeni kitab çıxır. Bu məsələni həmin maddəyə aid etmək olar, ya yox?
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Bayaq qeyd etdim, hörmətli Kamran İmanov iclasımızda iştirak edir. Kamran müəllim, mənim də bir sualım olacaq. Bizdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun var. Bu qanun layihəsi ilə əlaqədar olaraq həmin qanuna da baxdım. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektləri ilə əqli mülkiyyət hüququnun obyektləri müəyyən cüzi fərqlər istisna edilməklə, demək olar ki, üst-üstə düşür. Olmazdımı ki, əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə üsulları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əlavə edilsin. Yəni bunun üçün ayrıca qanuna nə ehtiyac vardı? Sadəcə, bunu bilmək istəyirdim. İndi çıxışlara başlayaq. Kamran müəllim, zəhmət olmasa, bir azdan həmin suallara cavab verərsiniz. Jalə xanım Əliyeva.
J.Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, cənab Prezident tərəfindən müzakirəmizə təqdim edilən Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılı-ğa qarşı mübarizə haqqında qanun layihəsi bir az əvvəl də söylənildiyi kimi, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, əqli mülkiyyət obyektlərinin nüsxələrinin qanunsuz istehsalı və yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətli və lazımlı bir sənəddir. Düşünürük ki, qanunun qəbulu bu sahənin tənzimlənməsi və müəlliflik münasibətlərində mövcud problemlərin aradan qaldırılmasında, boşluqların doldurulmasında mühüm əhəmiyyət daşıyacaqdır.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eyni zamanda, Elm və təhsil komitələrində müzakirə edilib. Qanun layihəsinin predmetini müəlliflik hüququnun tanın-ması, qorunması təşkil edir. Əqli mülkiyyətin xitab etdiyi, demək olar ki, bütün istiqamətlər mədəniyyət sahəsi ilə bağlıdır. Bu baxımdan layihənin Mədəniyyət komitəsində də müzakirə edilməsinə ehtiyac var. Yəqin ki, qanun layihəsi ikinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin Mədəniyyət komitəsinə göndəriləcəkdir. Əgər qanun layihəsi bir çox mədəniyyət sahəsini əhatə edirsə, “Əsas anlayışlar” adlanan 1-ci maddəsində folklor nümunələrindən, kinematoqrafiya əsərlərindən və kinematoqrafiya vasitələrinə bənzər vasitələrdən, telefilmlərdən, videofilmlərdən, animasiya filmlərindən, ifaların və digər səslərin müvafiq maddi daşıyıcılıq müstəsnalığından söhbət gedirsə, bu qanun layihəsinin Mədəniyyət komitəsində də müzakirəsinə ehtiyac vardır.
Bu qanun layihəsində görmək istədiyimiz çox əhəmiyyətli bir müddəa haqqında fikirlərimi bölüşmək istəyirəm. 20 ildən artıqdır, işğal altında olan torpaqlarımızla bərabər, bu torpaqlarda milli sərvətlərimiz, musiqimiz, milli çalğı alətlərimiz də düşmən tapdağı altında qalıb. Düşünürəm ki, bu milli-mədəni sərvətlərin qorunmasına və Azərbaycan xalqının əzəli mənəvi xəzinəsi olmasına dair müddəaların qanun layihəsində əksini tapmasına böyük ehtiyac vardır.
Bilirsiniz ki, bu gün ən qədim havamız olan “Sarı gəlin” ermənilər tərəfindən özününküləşdirilib. Hətta dost və qardaş Türkiyədə belə bu mahnı artıq erməni mahnısı kimi təqdim edilir. Qədim musiqi alətlərimiz – tar, kamança, balaban və sair erməni musiqi alətləri kimi tanınır. Təbii ki, bunlar ürəkağrıdıcı məqamlardır.
Digər bir məsələ müəllif mahnılarımızın xaricdə anonim şəkildə təqdim edilməsi ilə bağlıdır. Böyük bəstəkarlarımız Tofiq Quliyevin, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin ən dəyərli bəstələri, mahnıları bu gün ayrı-ayrı ölkələrdə anonim şəkildə və ya həmin mahnının səsləndirildiyi ölkənin folklor nümunəsi kimi təqdim edilməkdədir. Yəni bu gün biz qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Düşünürəm ki, bu fikirləri əks etdirən fəsil və ya müddəanın ikinci oxunuşa qədər buraya əlavə edilməsinə böyük ehtiyac vardır. Bir daha qeyd edirəm, qanun layihəsini konseptual baxımdan müzakirə etdiyimiz üçün onun üzərində maddə-maddə dayanmayacağam. Sadəcə, “Ümumi müddəalar” fəslində diqqətimi çəkən və nəzərimcə anlaşılmayan bir cümləni nəzərinizə çatdırmaq istəyirəm.
1.0.5-ci maddədə “kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün” və sair. Məncə, “maşınla oxunan formada ifadə edilən” cümləsinə bir daha göz gəzdirsək, həm qanun layihəsinin oxunaqlı, anlaşıqlı olması, həm də dilimizin gözəlliklərinin qorunması baxımından daha yaxşı olar. Bu maşın nə maşınıdır, “maşınla oxunan formada” nə deməkdir? Bu suallara sonrakı oxunuşlara qədər aydınlıq gətirilsə, düşünürəm ki, daha əhəmiyyətli olar.
Ümumilikdə isə bu, bir az əvvəl də qeyd etdiyimiz kimi, çox vacib bir qanun layihəsidir. Bir çox məsələləri – Azərbaycanın hazırda müharibə şəraitində olmasını və eyni zamanda, bu sahədə bir çox stereotiplərin, problemlərin, boşluqların, bəzən də müəlliflər arasında münaqişəyə gətirib çıxara biləcək mübahisələrin baş verdiyini nəzərə alaraq bu qanunun qəbul edilməsi çox əhəmiyyətlidir. Həmkarlarımı qanun layihəsinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Jalə xanım. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Bahar xanım, əgər icazə versəniz, başlanğıcda kiçik bir məsələyə toxunub sonra bu mövzuya keçmək istəyirəm. Çünki bu olduqca vacibdir. Üç dəqiqəlik çıxışda fikrimizi söyləmək imkanı olmadı.
Hər dəfə parlamentdə müəyyən məsələlərlə bağlı çıxış edəndə çalışırıq ki, opponentlərimizə, iqtidara qarşı bu tribunadan sui-istifadə etməyək. Amma Azərbaycanda bir yer var ki, orada sanki bir qrup adam ancaq hamını söymək, təhqir etmək, ələ salmaq üçün toplanıb. Bu, “Azadlıq” qəzetidir. Mən hər dəfə bu mövzuya toxunanda onu bildirirəm ki, iqtidara əxlaqdan, demokratiyadan, başqa mövzulardan dərs keçəndə birinci növbədə özün ona nümunə olmalısan. Hətta iqtidar səhv eləsə, yaxud da səhv bir mövqe tutsa, yanlış bir təzyiq göstərsə belə bunları anlamaq olar. Amma sən nümunə olmalısan, göstərməlisən ki, həqiqətən, ondan demokratsan, əxlaqlısan, dürüstsən. Hətta nəticəsi oldu-olmadı, bunu cəmiyyətə qəbul etdirmək lazımdır.
Biz burada “Siyasi partiyalar haqqında” Qanuna münasibət bildirəndə qeyd etdik ki, parlamentdənkənar müxalifətə də vəsait verilsə, yaxşı olar. “Azadlıq” qəzeti haqqında isə dedik ki, dövlət ona vəsait verir. Bunlar parlamenti saxta hesab edirlər, amma parlamentdə 10 il oturdular, biri saxta parlamentdən, mandatından imtina etmədi. Dövlətin, hökumətin pulunu haram hesab edirlər. Amma KİV-in inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən verilən pulu qaytarmaq barədə düşünmürlər. Yaxşı, siz əgər özünüz üçün mənəviyyat ölçüsü müəyyən etmisinizsə, elə həmin puldan imtina edin, qaytarın da.
Son günlərdə ədəb çərçivəsinə sığmayan bir hadisə baş verdi. Tənqid edirsinizsə, cənab Prezidentin mövqeyini, siyasi kursunu tənqid edin. Müxalifət bunu etməlidir, məncə, nöqsanlar da kifayət qədərdir. Nazirləri tənqid edin. Amma Prezidentin saatı ilə bağlı məsələni qəzetdə manşetə çıxardılar. Sonra, sadəcə, üzr istəmək təklif olundu. Üzr istəmək məsələsi ortaya çıxanda qorxaqlıq, cəsarətsizlik nümayiş etdirdilər. Dedilər ki, məlumatı filan bloqda Vəfa Cəfərova adında birinin yazısından götürmüşük. Başa düşdük. Bəs hakimiyyəti həmin qadının üstünə niyə göndərirsiniz? Özünüz qarşısında durun və deyin ki, biz yazmışıq, bunun cavabdehliyini biz də daşıyırıq. Bu ikiüzlülük nəyə lazımdır? Bu kimi məsələlərdə özlərini elementar üzr istəməyə hazır hesab etməyən insanlar başqalarından tələb edirlər ki, bizə təzyiq göstərməyin.
Yazırlar ki, Fazil Mustafa parlamentdə sayıqladı və cavabını aldı. Mənim bir çıxışıma fikrimi öyrənmədən birtərəfli qaydada 20 cavab yazırlar. Heç birini də məntiqlə əsaslandıra bilmirlər. Bu mədəniyyəti, əxlaqı, düşüncəni haradan almısınız? Siz nə tələb edirsiniz? Mən istəyirəm, cəmiyyətimizin gələcəyi naminə bunu bilək. Çünki biz diffamasiya haqqında qanunun qəbul edilməsinə tərəfdar adamlarıq. Elementar məsələlərdə üzr istəmək mədəniyyəti olmayan insanların başqalarına münasibətdə tətikçilik etməyə ixtiyarı yoxdur.
Köşə yazarları içərisində Elnur Astanbəyli adlı səviyyəsiz biri var. O deyir ki, hətta bir kitabim çıxmasa belə, Anarı yazıçı hesab etmirəm. Sən Nuha peyğəmbər deməyəcəksən deyə, Nuh peyğəmbər deyil? Belə bir anormallıq olar? Bu yanaşmada psixi nüans var və bayaq müzakirə edilən qanunun predmetinə uyğun gəlir.
Müxalifətin əsas ideyası hakimiyyəti söyməklə yox, təşviq etməklə islahata yönəltmək, ölkədə müəyyən nöqsanların aradan qaldırılmasına köməklik göstərməkdir. Kimsə parlamentdə oturubsa, onlar kənardadırlarsa, demək, hamıdan dürüst, hamıdan ağıllıdırlar. Sonra da qəzetlərinin mətbəxində baş verənlər ictimailəşəndə, deyirlər ki, bizə təzyiq göstərirlər. Siz normal həyat yaşayırsınız ki, sizə təzyiq olmasın? Bu kimi məsələlərdə bəzən biz tolerantlıq göstərib tribunadan münasibət bildirmirik. Əllərində cəmi bir qəzet var, iqtidarın əlində isə bütün televiziya, mətbuat və sair. Düzdür, bəzi qeyri-əxlaqi və qeyri-mənəvi təzyiqlərin, görüntülərin əleyhinəyəm. Amma əgər təzyiqin əleyhinəsənsə, özün gərək əlində olan bir vasitəni daha səviyyəli və əxlaqlı formada istifadə edəsən və iqtidarı Vəfa Cəfərovanın üstünə göndərməyəsən. Belə qorxaqsınızsa, onda niyə yalandan yazırsınız ki, Prezidentin saatının qiyməti 800 min manatdır? Yenə də təhrik edirsiniz ki, bu maaşla həmin saatı necə alıb? Sübut edəndə ki, yalandır, böhtandır, üzr istəyin, bunu etməyə də mədəniyyətiniz çatmır.
Tənqid edən kimi də dərhal yazırlar ki, Fazil Mustafa ilə Siyavuş Novruzovun mövqeyi üst-üstə düşür. Mən Siyavuş Novruzovun mövqeyini çox vaxt qəbul etmirəm və tənqid də edirəm. Baxışlarımız üst-üstə düşmür. Amma Siyavuş Novruzovun öz liderinə olan ləyaqətli davranışının bir faizini belə siz Əbülfəz Elçibəyə göstərməmisiniz və bu gün çəkdiyiniz əziyyət ona göstərdiyiniz səmimiyyətsizliyin bədəlidir. Bu bədəli hələ daha artıq ödəyəcəksiniz, çünki onun əleyhinə yazdırdığınız yazılar, qurduğunuz kampaniyaların hamısını bu gün Allah-taala elə bil, tərsinə çevirib, öz başınızda çatladır. Ona görə də onların bu kimi məsələlərdə burada oturan insanlara, yaxud da mövqeyindən asılı olmayaraq, kiməsə mənəviyyat dərsi keçməyə ixtiyarları yoxdur.
Qanun layihəsi ilə bağlı nəyi demək istəyirəm?! Hesab edirəm ki, Ziyafət müəllimin sualı aktualdır. Əqli mülkiyyət hüququnun təminatı məsələsi həm Mülki Məcəllədə, həm də ayrı-ayrı sahə qanunlarında nəzərdə tutulur. Bəlkə əqli mülkiyyət hüquqlarının təminatını “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda və ya başqa qanunlarda yer alan bir məsələ kimi nəzərdə tutaraq, yalnız piratçılığa qarşı mübarizə haqqında ayrıca qanun qəbul edək? Çünki əsas problem piratçılıqla bağlıdır. Ölkədə hamı başqasının məhsulu olan kasetləri, ədəbiyyatı nəşr edir, yayır, bunlardan haqsız gəlir əldə edir, ancaq bunun heç bir bədəlini ödəmir. Bununla bağlı cəza nəzərdə tutulmur, tutulsa da, onun üzərində heç kim ciddi şəkildə durmur. Müvafiq orqanlar tutulan pirat məhsullarını ancaq müsadirə və məhv edirlər, bununla məsələ öz həllini tapmır. Ona görə də, məncə, piratçılığa qarşı mübarizə məsələsinə daha çox diqqət verilməlidir.
Zərərin əvəzinin ödənilməsi məsələsində də detallar dəqiqləşdirilməlidir. Yəni məhkəmələrin üzərinə bu qədər məsuliyyət qoymaq olmaz. Məhkəmələr, hətta ekspertlər cəlb etsə belə, 5–10 il ərzində piratçılıqla, başqasının intellektual, əqli məhsulunu mənimsəyərək gəlir götürən insanın nə qədər qazanc əldə etdiyini müəyyənləşdirmək üçün çətinlik çəkəcəkdir. Bunun mexanizmini daha dəqiq şəkildə hazırlamaq lazımdır.
Ümumiyyətlə, mən qanundan daha çox onun praktikada tətbiqini vacib hesab edirəm. Bunun üçün səfərbər olmaq lazımdır. Televiziyalarda bir müddət fonoqram qadağan edildi. Artıq hər kəs istədiyi şəkildə qanunu pozur. Hamı bilir ki, bu fonoqramdır. Hamı bilir ki, bu, oğurluq bir verilişdir və bunun pulu ödənilməyib. Türkiyənin istehsal etdiyi sənədli, bədii və başqa materiallarla bağlı səslər gəlir ki, bunlar oğurluqdur. Bu kimi məsələlərdə, məncə, qanunun qəbulundan daha çox onun tətbiqi ilə bağlı dəqiq mexanizm düşünülsə, çox yaxşı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim. Hesab edirəm ki, kifayət qədər maraqlı fikirlər səsləndirdiniz. Ən əsası “Azadlıq” qəzeti ilə bağlı söylədiyiniz fikirlərin hər bir hərfinə və cümləsinə şərikəm. Doğrudan da, böyük bir işi kiçik bir tribunadan qarayaxma kampaniyası ilə heçə endirməyə çalışanlara elə böyük tribunadan onların kiçik olduqlarını demək lazımdır. Paradoks ondadır ki, biz müəllif hüquqlarından, əqli mülkiyyətin oğurlanmasından, müəlliflik hüquqlarının pozulmasından danışırıq. Eyni zamanda, bir yazının müəllifinin sonradan müəllifliyindən imtina etməsi faktına rast gəlirik. Yəni görürsünüz, belə hallar da var. Öz dediklərinin arxasında dayanmamaq onların ilk hərəkəti deyil. Mən hesab edirəm ki, Siz doğru edib, öz münasibətinizi bildirdiniz və yəqin, bir çoxları da Sizinlə şərikdirlər. Leyla xanım Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, Bahar xanım. Milli Məclisin gündəliyinə çıxarılmış Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi olduqca aktualdır və mühüm münasibətlərin hüquqi tənzimlənməsinə yönəlmişdir.
Qanun layihəsi birinci oxunuş üçün təqdim edildiyindən fikrimi ümumi şəkildə bildirmək istəyirəm. Bu gün bütün dünyada müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları, piratçılığa qarşı mübarizə ən vacib məsələlərdən biridir. Hətta inkişaf etmiş ölkələrdə belə, pirat məhsullar müvafiq bazarın əhəmiyyətli hissəsini tutmaqdadır. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü kimi hesab edirəm ki, bu gün pirat kontrafakt məhsulların yayılması yalnız yaradıcı insanların, müvafiq hüquq sahiblərinin maddi mənafelərinə ziyan vurmur, eyni zamanda, vətəndaşın Konstitusiyada göstərilən keyfiyyətli mədəniyyət, incəsənət və digər nümunələrlə təmin olunması hüququnu məhdudlaşdırır. Digər tərəfdən piratçılıq fəaliyyəti əqli mülkiyyət hüququ sahiblərinə mənəvi zərərin vurulmasına da gətirib çıxarır.
Bu gün Azərbaycan dövləti əqli mülkiyyət obyektləri nüsxələrinin qanunsuz istehsalı, yayılması, istifadəsi ilə mübarizə aparır. Bununla bağlı geniş qanunvericilik bazası mövcuddur. Lakin hesab edirəm ki, bu sahədə olan problemləri sırf dövlətin üzərinə qoymaq da düzgün deyil. Vətəndaşlar özləri də hər hansı bir kitaba, audiovizual əsərə, kompüter proqramına müraciət edərkən keyfiyyətli nümunəni əldə etməyə çalışmalıdırlar. Hesab edirəm ki, bu həm də düşüncə tərzinin nümunəsi olmaqla istehlak mədəniyyətinin inkişaf göstəricisidir.
Vətəndaşlarımız hər hansı bir əmtəəni, məsələn, geyimi, qidanı əldə edərkən onun keyfiyyətinə, həqiqi marka, brend olub-olmamasına diqqət yetirsələr də, təəssüf ki, əqli mülkiyyət obyektlərinə gəldikdə buna heç bir önəm vermirlər. Halbuki bir sıra ölkələrdə insanlar pirat məhsullardan istifadə etməyi, onlara pul ödəməyi özlərinə təhqir hesab edir və bunu az qala oğurluğun bir növü kimi qiymətləndirirlər. Hətta bəzi ölkələrdə bilərəkdən pirat məhsulları alan şəxsləri inzibati məsuliyyətə cəlb edir və cərimələndirirlər. Onları az qala cinayətdə iştirak edən şəxs hesab edirlər. Aydındır ki, vətəndaşlarımızın bu baxımdan maarifləndirilməsinə ehtiyac vardır. Məsələn, qonşularımızdan Rusiya və Türkiyədə belə kampaniyalar tez-tez keçirilir. Buraya məşhur idmançılar, yazıçı və aktyorlar, ictimai xadimlər qoşulurlar. Onlar “Piratçılığa son!”, “Pirat məhsulu alma, oğruya pul vermə!” şüarları ilə geniş təbliğat layihələrində iştirak edirlər. Təklif edirəm ki, bizdə də belə layihələr reallaşdırılsın. Bu baxımdan xüsusilə kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür, çünki sözügedən məsələdə maarifləndirməyə, istehlak mədəniyyətinin təbliğinə böyük ehtiyac vardır. Bir daha bildirirəm ki, qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi bu günün reallığını əks etdirən bir sənəddir. Bu sənəd ilk növbədə əqli mülkiyyət hüququ sahiblərinin hüquqlarının qorunması, onların mənafelərinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Piratçılıq dünyanın bir çox ölkələrində geniş miqyas alıb. Bizim bədnam qonşularımız olan ermənilər bu sahədə rekord vurublar. Onlar illərdir, Azərbaycanın folklor nümunələrini, xalq mahnılarını, sənət əsərlərini özəlləşdirməklə məşğuldurlar və bunun qarşısını almaq üçün bizim əlimizdə hüquqi sənəd olmalıdır. Əlbəttə, respublika daxilində Müəllif Hüquqları Agentliyinin sədri hörmətli Kamran müəllimin rəhbərliyi ilə piratçılığa qarşı mübarizənin gücləndirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilir. Ancaq əldə əsaslı bir qanun olmalıdır və bu gün təqdim olunan qanun layihəsi həmin məqsədə xidmət edir. Əlbəttə, bu qanun layihəsi mükəmməl, yaxşı hazırlansa da, sual doğuran bir çox cəhətlər var. Bunların bir neçəsinə burada həmkarlarım da toxundular.
Ziyafət müəllim qeyd etdi ki, “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması haqqında” Qanun var. Folklor nümunələrinin qorunması haqqında əlimizdə əsas var. Gələcəkdə folklor nümunələrindən istifadə edilməsi qaydaları sual doğuracaq. Bir çox folklor nümunələrinin sahibi, əlbəttə, Azərbaycan Respublikasıdır. Vaxtilə folklor nümunələrinin toplanması, tərtib edilməsi, nəşr olunmasına məsul görkəmli alimlərimiz olub. Bizim görkəmli folklorşünaslarımız olub. Bax, bu sahiblik indi onların hansına verilməlidir? Bunları yığıblar, toplayıblar.
Bu gün bir çox üzdəniraq bəstəkarlarımız meydana çıxıblar. Onlar hər hansı bir xalq mahnısının, musiqi nümunəsinin adi notlarını dəyişdirməklə və ya sintez etməklə özəlləşdirirlər. Klassiklərimizin əsərlərinə mahnılar yazırlar. Ancaq bu nümunələrin sahibliyinin kimə məxsus olduğu sual doğurur? Elə bilirəm ki, bu qanun layihəsinin ikinci oxunuşa qədər təkmilləşdirilməsinə ehtiyac var. Burada söylənilən müəyyən fikirlər nəzərə alınacaq. Mən də Fazil Mustafanın təklifinə tərəfdaram ki, burada biz daha çox piratçılığa qarşı mübarizə tədbirlərinə geniş yer verməliyik. Bizim məqsədimiz budur ki, bu məhsulların, əsərlərin müəlliflərinin üzə çıxarılması, pirat məhsulların qadağan edilməsi sahəsində əlimizdə bir əsaslı sənəd olsun. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu qanun layihəsi çox aktualdır, hətta mən deyərdim ki, gecikmiş bir sənəddir. Çünki qanun layihəsinin predmeti – müəlliflik hüququ, demək olar ki, hər gün, hər saat pozulur və bu proses qlobal xarakter alıbdır. Hətta Qərbdə dünya miqyaslı şou ulduzları bu məqsədlə möhtəşəm aksiyalar, “Piratçılığa “yox” deyək!” şüarı altında konsertlər keçirirlər, tədbirlər və sair təşkil edirlər. Lakin yenə də piratçılığa qarşı gücsüzdürlər. Bəzən bizim şou ulduzlarımızı qınayırlar ki, nə üçün onlar toylarda oxuyur, özlərini bir növ ucuzlaşdırırlar? Mən də sizdən soruşmaq istəyirəm: bir halda ki, onların audiodiskləri, klipləri və sair dərhal İnternetdə yayılır və hər kəs istənilən vaxt sevimli müğənninin mahnısını, bəstəkarın əsərini öz kompüterinə köçürə bilir və buna görə də əksər hallarda müəlliflər öz əsərlərinin yayılmasından qonorar ala bilmirlər, nə etməlidirlər?
Halbuki bu mahnıların yayılması, efirdə səslənməsi, ümumiyyətlə, ərsəyə gətirilməsi üçün çoxlu sayda vəsait tələb olunur. Bizim şou ulduzlarımız da vəsaitləri toylarda, ucuz şoularda iştirak etməklə kompensasiya etməli olurlar. Bu mənada mən, əlbəttə, müzakirə edilən qanun layihəsini məqsədəuyğun sayıram. Lakin hesab edirəm ki, bu qanun layihəsi bir sıra reallıqları nəzərə almır, ya da əhatə etmir. Söhbət ilk növbədə müəlliflik hüququ olan obyektlərin İnternet saytlarında yayımlanmasından gedir. Məsələn, biz “Youtube”da istənilən mahnının, filmin və sairin köçürülməsinə nail ola bilərik və bunu edirik. Məsələn, mən də etiraf edim, burada oturan millət vəkilləri, onların uşaqları, onların yaxınları bunu hər gün həyata keçirirlər. Biz buna öyrəşmişik.
Sədrlik edən. Elmira xanım, Sizi bilmirəm, mən piratçılıqla məşğul deyiləm.
E.Axundova. Əsasən də cavan insanlar. Məsələn, çox maraqlı bir film göstəriləndə mən xaricdə idim. Eşitdim ki, Rusiya televiziyasında çox gözəl film göstərmişlər: “Кремень”. Mən bunu “Youtube”dan köçürüb dərhal baxmışam. Belə olan halda həm “Youtube”, Siz haqlı deyirsiniz Ziyafət müəllim, həm də istifadəçilər pirat sayıla bilərlər. Lakin onları məhkəmə yolu ilə necə məsuliyyətə cəlb edə bilərsən? Hər bir kompüterə girəcəksən, hər bir evə daxil olacaqsan?
Əvvəla, “Youtube” və ya digər İnternet resursları, əslində, əlçatmaz, böyük beynəlxalq korporasiyalardır və hətta onların ofisləri başqa ölkələrdə yerləşir. Digər tərəfdən, istifadəçilərin sayı minlərcə yox, milyonlarcadır. Onlar da bütün dünyaya səpələniblər. Müvafiq icra orqanı nəzarət nişanını verə bilər. Qanun layihəsində bu məsələ əksini tapıb. Nəzarət markası, beynəlxalq standart nömrə yaxşıdır, bunları hazırlaya bilərlər. Lakin bunlar heç vaxt deyilən qüvvələrlə səmərəli mübarizə apara bilməz. Hər halda bu qanun layihəsində İnternet resurslarda pirat nümunələrinə qarşı mübarizə mexanizmləri əks olunmayıb. Mən başa düşürəm, nəyə görə əks olunmayıb, çünki təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu mexanizmlər bütün dünyada hələ yox dərəcəsindədir. Belə olan halda hansı mübarizədən söhbət gedə bilər?
Leyla xanımın dediklərinə mən də qoşuluram. Maarifləndirmə, televiziyalarda bu barədə söhbətlər aparılması, aksiyalar keçirilməsi ilə bağlı müddəalar bu qanun layihəsində əksini tapmalıdır. Mən bir misal gətirim. Ermənilər, bizim Jalə xanım demişkən, bir çox mahnılarımızı özəlləşdiriblər. Hansı beynəlxalq məhkəmədə biz bircə işi udmuşuq? Bəlkə də udmuşuq, bu çox gözəl olardı. Ümumiyyətlə, bu qanun layihəsində piratçılıqla bağlı mübarizənin beynəlxalq aspektləri əks olunmayıb. Amma bu çox vacib məsələdir, ələlxüsus bizim üçün. Biz hazırda bir ölkə ilə müharibə vəziyyətindəyik, həmin ölkə bizə qarşı əqli piratçılığı həyata keçirir. Amma bu barədə qanun layihəsində bir cümlə də yoxdur.
Mən razı deyiləm ki, bu məsələləri hər hansı bir qanuna əlavə edək. Ayrıca qanun olmalıdır, çünki çox vacib məsələləri əks etdirir. Amma bu ayrıca qanun layihəsi çox ciddi işlənilməlidir. Əvvəla, daha dolğun, konkret mexanizmlər daha müasir olmalıdır, çünki müasir dünyada, yenə də deyirəm, əsas mübarizə predmeti İnternet resurslardır. Pirat məhsulların satıldığı mağazalarla mübarizə aparmaq asandır və onların çoxu lisenziyalarla işləyir. İnternet resursla mübarizə çox ciddi bir mübarizədir. Ona görə mən istəyərdim ki, qaldırdığım problemlər də bu qanun layihəsində əks olunsun. Bəlkə indiki zamanda bu, səmərəli olmayacaq, amma həmin maddələri yazaq. Bəlkə 5–10 ildən sonra müəyyən mexanizm yaradılacaqdır, onda qanunda artıq bu məsələ əksini tapmış olacaq. Yoxsa biz bir neçə aydan, ildən sonra yenə də qanuna əlavələr etməli olacağıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Qanun çox vacib qanundur, məhz buna görə də biz buna konseptual baxımdan qiymət veririk. Biz bu qanun layihəsini ikinci oxunuşda maddə-maddə müzakirə etdikdə əlavə təkliflər də deyiləcəkdir. Burada çıxış edənlərin hamısı qanunun vacibliyindən danışır, qanun çox vacibdir. Mən belə başa düşürəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və bunu konseptual baxımdan qəbul edə bilərik. İkinci oxunuşda əlavə və dəyişikliklərimizi qeyd edərik. Təklif etmək istəyirəm ki, bunu səsə qoyaq, qəbul eləyək.
Sədrlik edən. Mən hesab edirəm ki, çox normal bir təklifdir. Etiraz yoxdursa, doğrudan da, bizim ikinci oxunuşda kifayət qədər vaxtımız olacaq ki, qanun layihəsini maddə-maddə, fəsil-fəsil müzakirə edək. Amma etiraz etməsəniz, Kamran müəllimə icazə verək, deyilən iradlara, təkliflərə konseptual baxımdan münasibətini bildirsin, sonra səsvermə keçirərik.
K.İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.
Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri, diqqətinizə görə təşəkkür edirəm. Vaxtınızı çox almayacağam. Layihənin ikinci oxunuşunda lazım olsa, əgər dəvət etsəniz, çıxış edərəm. Hazırda isə bir-iki suala cavab vermək istəyirəm.
Bu qanun layihəsi həcmcə qısa olsa da, məzmunca tutarlıdır. Qanun layihəsi cənab Prezidentin təşəbbüsü ilə buraya göndərilib və bunun, şübhəsiz, müəyyən səbəbləri var. Elə bu səbəb birinci sualla bağlıdır. Nədir bu sual? Hörmətli Ziyafət müəllim tərəfindən təklif olundu ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında” qanunlara və digər qanunlara təminat hissələrini əlavə edək və yaxud da yeni bir qanun qəbul edək? Buna cavab vermək üçün mən bir dəfə də xatırladıram, Azərbaycanın əqli mülkiyyət üzrə 7 qanunu var. Bunların dördü müəlliflik hüququ və oxşar hüquqlara, ikisi patent hüququna və daha dəqiq desək, sənaye mülkiyyətinə və biri isə seleksiya nailiyyətlərinə aiddir. Bu qanunların, məsələn, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun predmeti nədir? Bu qanun müəlliflik və əlaqəli hüquqların obyektlərinin yaradılması və istifadəsi ilə bağlı məsələləri əks etdirir.
Müzakirə olunan qanun layihəsinin isə məqsədi müəlliflik hüququnun müdafiəsinin təmin edilməsini, bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektləri nüsxələrinin qanunsuz istehsalı və ya yayılmasının qarşısını almaqdır. Deməli, beləliklə, qarşımızdakı qanun layihəsinin obyekti müvafiq əqli mülkiyyət obyektlərinin yaradılması və istifadəsi deyil, əqli mülkiyyətə təminat verən prosedurlar, tədbirlər və hüquqi vasitələrdir. Özü də bütövlükdə bütün qanunlarımızda olan hər bir növ əqli mülkiyyət obyektlərinə yönəldilmişdir. Bu qanun layihəsi əqli mülkiyyətin tanınmasına yox, pozulmasına qarşı nəzərdə tutulmuşdur. Özü də kiminsə əqli zəhmətindən kommersiya məqsədi ilə istifadə edənlərə, yəni iqtisadi gəlir əldə edənlərə qarşıdır. Nəhayət, bu qanun layihəsi, beləliklə, piratçılığa qarşı qanun kimi çıxış edir.
Bu qanun layihəsinin digər xüsusiyyəti, özəlliyi ondan ibarətdir ki, ümumi qəbul edilən hüquqi doktrinadan fərqli olaraq burada əqli mülkiyyət hüququ altında şəxsi və yaxud mənəvi hüquqlar başa düşülmür. Burada başa düşülən yalnız və yalnız müstəsna əmlak hüquqlarıdır. İstər müəlliflik hüququ, istər əlaqəli hüquqlar, istərsə də sənaye mülkiyyəti olan obyektlərə aid hüquqlar olsun. Sual olunur: hansı prosedurlardan söhbət gedir? Bunlar mülki, inzibati və cinayət hüququna aid olanlar, o cümlədən sübutların saxlanılması, informasiya hüququ, məhkəmə qərarlarından irəli gələn tədbirlər, müvəqqəti tədbirlərdir. Bunların əksəriyyəti hələlik bizim prosessual məcəllələrdə yoxdur. Ona görə də qanun layihəsində öz əksini tapıbdır.
İndi soruşulur: nə üçün bu məsələləri birbaşa prosessual məcəllələrə və yaxud da müvafiq məcəlləyə salmırıq? Bunun da cavabı var. Bu qanun layihəsi, əslində, bizim Ümumdünya Ticarət Təşkilatına qəbul olunmağımızla bağlı cənab Prezidentin tapşırığı ilə hazırlanıb və buraya göndərilib. Ümumdünya Ticarət Təşkilatına qəbul olunanda dövlətlər paket müqavilələr sırasında bir vacib müqaviləyə də imza atırlar. Bu müqavilənin adı belədir: “Kommersiya aspektləri haqqında əqli mülkiyyət məsələləri ilə bağlı Saziş”. Bu, vacib bir qanunun layihəsidir. Bu qanun layihəsinin xüsusiyyəti ondan ibarətdir ki, burada müəlliflik hüquqlarının təminatı nəzərdə tutulur. Halbuki adi hüquqların tanınması bu qanunlarla məcburi deyil. Yalnız bir sətirlə göstərilir ki, hüquqların pozulması nəticəsində hüquqpozan mülki, inzibati, cinayət məsuliyyətinə cəlb olunmalıdır.
İkinci, bu qanunun qəbulu üçün digər bir əsas da var. Avropa İttifaqının 2004-cü il Əqli mülkiyyət hüquqlarının təminatı haqqında məşhur Direktivi var. Avropa İttifaqı bu yaxınlarda bunu yoxlayırdı. Bu da məcburi təminata əsaslanır. Bir sözlə, bu qanun layihəsi müvafiq beynəlxalq standartlara əsaslanır. Sual yaranır ki, əgər bu təminat yoxdursa, bəlkə də bu qanun qəbul olunandan sonra orada müəyyən dəyişikliklər edilər. Mən deyirəm ki, bu təklifləri biz də, müvafiq hüquq mühafizə orqanları da göndərib və sair.
Vaxtınızı almamaq şərti ilə bir fikri də söyləmək istəyirəm. Bu qanun layihəsinin müddəaları bütün hüquq mühafizə orqanları ilə, bütün maraqlı təşkilatlarla razılaşdırılıb. Artıq bu qanun layihəsi, demək olar, üçüncü ildir ki, müzakirə edilir. Bu qanunun qəbul edilməsi ilə hüquq mühafizə, məhkəmə orqanlarının piratçılıqla mübarizənin gücləndirilməsinə şərait və imkanlar yaradacaqsınız. Piratçılığa qarşı mübarizə xüsusi ittiham qaydasında, müraciət əsasında yox, birbaşa aparılacaqdır, pirat məhsulu varsa, yığışdırılmalıdır. Bu birinci. İkinci də, əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə böyük təkan verəcəksiniz. Xahiş edirəm, bu qanun layihəsinin lehinə səs verəsiniz.
Sədrlik edən. Sağ olun, Kamran müəllim, təşəkkür edirəm. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 15.15 dəq.)
Lehinə  103
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.
 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU