12.06.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR VI SESSİYASI
İCLASININ

PROTOKOLU № 43

Milli Məclisin iclas salonu.
12 iyun 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 98
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Ərzuman Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin rəisi.

* * *

Dövlətxan Dövlətxanov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini.
Elxan Əsədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini.
Xalid Nəcəfov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi.
Zemfira Rzayeva, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri.
Hikmət Məmmədov, Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin dosenti.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu (ikinci səsvermə).
2. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 3
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu (ikinci səsvermə).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 109
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

2. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Jalə Əliyeva, İlyas İsmayılov, Zahid Oruc, Flora Qasımova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

3. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Tahir Rzayev, İlyas İsmayılov, Zahid Oruc, Bahar Muradova, Fəzail İbrahimli, Fazil Mustafa, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 103
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

4. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Elmira Axundova, Oqtay Əsədov, Sahib Alıyev, Fazil Mustafa, Bəxtiyar Əliyev, Astan Şahverdiyev, Rafael Cəbrayılov, Adil Əliyev, Musa Qasımlı, Sədaqət Vəliyeva, İlham Əliyev, Rauf Əliyev, Cavid Qurbanov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Mübariz Qurbanlı, İqbal  Ağazadə, Valeh Ələsgərov, Fazil Mustafa, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.49 dəq.)
Lehinə 97
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, İqbal Ağazadə, Azay Quliyev
 
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.00 dəq.)
Lehinə 98
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.01 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, İqbal Ağazadə, Zahid Oruc, Rafael Cəbrayılov, Aqil Abbas, Mübariz Qurbanlı, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.28 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Tahir Rzayev, Gülçöhrə Məmmədova, Leyla Abdullayeva, Bəxtiyar Əliyev, Ağalar Vəliyev, Azər Badamov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.35 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–46-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.04 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: 47–68-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.04 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: 69–106-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.05 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbil edilsin
Səsvermənin nəticələr (saat 18.05 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

12 iyun 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Milli Məclisin növbədənkənar sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.10 dəq.)
İştirak edir  98
Yetərsay 83

Kim qeydiyyatdan keçmədi? 2 nəfər. İclasa başlaya bilərik.
Növbədənkənar sessiyanın iclasının gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 100
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 3  
İştirak edir  104
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi. Çox sağ olun.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, 6 ay bundan öncə Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununu birinci səsvermədə qəbul eləmişdik. Konstitusiyaya uyğun olaraq onu 6 ay sonra bu gün ikinci səsverməyə çıxarırıq. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən biri də keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminatı haqqında qanunun qəbul edilməsi ilə bağlı idi. Bu qanun layihəsi üzərində parlamentdə fəaliyyət göstərən işçi qrupu çalışdı. Bizim tərəfimizdən dünya təcrübəsi, Avropa təcrübəsi öyrənildi və keçmiş prezident və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu hazırlandı.
Qeyd edim ki, bu Konstitusiya qanunu parlamentdə də, cəmiyyətdə də çox maraqlı müzakirələrə səbəb oldu. Xüsusi vurğulamaq istəyirəm ki, belə bir Konstitusiya qanununun qəbul edilməsi Azərbaycanda həyata keçirilən siyasi və demokratik islahatların ayrılmaz tərkib hissəsi kimi qəbul olunmalıdır. Bu qanunda bütün fikirlər, təkliflər nəzərə alındı. Qanun üç oxunuşdan keçdi, səsə qoyuldu, qəbul olundu. Lakin bu, Konstitusiya qanunu olduğuna görə 6 ay sonra ikinci dəfə səsə qoyulmalıdır. Ona görə mən hörmətli həmkarlarımdan səsvermədə diqqətli olmağı xahiş edirəm. Çünki Konstitusiya qanununun qəbul olunması üçün 94 səs çoxluğuna ehtiyac var. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Başqa təkliflər yoxdur? Xahiş edirəm, diqqətli olun, Konstitusiya qanunudur. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 12.13 dəq.)
Lehinə 109
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 2-ci məsələsi. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, biz son bir il ərzində həm “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, həm də “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna bir sıra mütərəqqi dəyişikliklər etmişik. Xatırlayırsınızsa, keçən ilin payız sessiyasında vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında qanuna bir çox əlavələr etdik. Bu əlavələr Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədin Avropa standartlarına uyğun hazırlanmasını nəzərdə tuturdu. Biz o qanunun 2014-cü il yanvar ayının 1-ə qədər qüvvəyə minməsini müəyyənləşdirdik. Çünki bunun üçün bir sıra maddi, texniki işlərin görülməsi tələb olunurdu.
Сənab Prezident tərəfindən təqdim olunmuş bu layihədə daha bir qanunda – “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda da dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Birmənalı deyim ki, bu təkliflər çox mütərəqqidir. Birincisi, 18 yaşınadək bütün Azərbaycan vətəndaşlarının, yəni uşaq və yeniyetmələrin də ümumvətəndaş pasportları ilə təmin olunması nəzərdə tutulur. Qeyd olunur ki, ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün birillik, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik və 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə verilir.
Eyni zamanda, bu pasportlarda biometrik informasiyanın yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsinin 1.5-ci maddəsinə görə, pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar, yəni pasport sahibinin üz təsviri, barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar da daxil edilir.
Bilirsiniz ki, bu pasportların nümunələri indiyə qədər Milli Məclis tərəfindən təsdiq olunurdu. Təklif olunur ki, pasportların təsviri, sertifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilsin. Çünki həqiqətən, bu, sırf texniki bir iş, formal bir prosedurdur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən də həyata keçirilə bilər. Əslində bu, işləri daha da sadələşdirər və sürətləndirər.
Əlbəttə, bu qanunda irəli sürülən bir çox müddəaların tətbiq olunması müəyyən vaxt və resurs da tələb edir. Hazırda hər gün 18 yaşına qədər olan 300-dək uşaq üçün sənədlərin verilməsi ilə bağlı müraciətlər olur. 700 nəfər də yetkinlik yaşına çatmış şəxslər. Təbii ki, 18 yaşına çatmamış şəxslərə pasportların verilməsi və ümumiyyətlə, yeni standartlara uyğun pasportlara keçid insanların çoxlu sayda müraciətlərinə səbəb olacaq.
Araşdırmalar göstərir ki, bu layihədə pasportların verilməsi üçün müəyyənləşdirilmiş müddət çox qısadır. Yəni ilkin mərhələdə bu işləri 10 gün müddətində həyata keçirmək qeyri-mümkündür. Layihə komitədə müzakirə edilərkən təklif olunmuşdur ki, indi qanunda mövcud olan bir ay müddəti hələlik saxlanılsın. Onu da vurğulamaq istəyirəm ki, qanunda müəyyən olunmuş 30 gün müddəti, sadəcə son müddətdir və təbii ki, pasportların daha tez müddətə təqdim olunması da mümkündür. Yəni qanun buna imkan verir. Bu təklif qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunmuş və razılaşdırılmışdır. Ona görə xahiş edirəm ki, komitənin bu təklifini nəzərə alasınız.
Məlumat üçün demək istəyirəm ki, vətəndaşların şəxsiyyət vəsiqəsi bütün rayon polis idarələri tərəfindən, ümum-vətəndaş pasportları isə Daxili İşlər Nazirliyinin 9 regional şöbəsi tərəfindən verilir. Təbii ki, əlavə resurslara, təminatlara ehtiyac var. Bununla bağlı artıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən işlər görülür.
Bütövlükdə bu layihə çox mütərəqqidir. Hesab edirəm ki, həm vətəndaşların şəxsiyyət vəsiqəsi, həm də ümumvətəndaş pasportları ilə bağlı qanunlarımızın bu müddəaları həyata keçirilərsə, yaxın zamanda Azərbaycan vətəndaşları müasir Avropa standartlarına cavab verən şəxsiyyət vəsiqələrinə və pasportlara sahib olacaqlar. Mən həmkarlarımdan cənab Prezident tərəfindən təqdim olunmuş bu layihəni qəbul etməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan qanun dəyişikliyi ilə bağlı bəzi məsələləri sizlərlə bölüşmək istərdim. İlk öncə qeyd edim ki, təklif olunan dəyişikliklər əsasən vətəndaşların müraciətlərinin nəticəsi olaraq öz ifadəsini tapmışdır. Ona görə mən istərdim ki, bu dəyişikliklər qanun şəklinə salındıqda vətəndaşlarımız əlavə maddi çətinliklərlə və bürokratik əngəllərlə rastlaşmasınlar.
Qanundan göründüyü kimi, uşaqlar 1 yaşdan 18 yaşa çatana qədər ən azı beş dəfə pasport almalı olacaqlar. Baxmayaraq ki, 18 yaşından sonra 10 illik müddət müəyyən edilir. Bununla əlaqədar olaraq valideynlər üçün həm maddi, həm də mənəvi çətinliklər meydana çıxır. Məsələn, çoxuşaqlı ailələri götürək. 4–5 uşağı olan valideyn bu illər ərzində 20 dəfədən çox müvafiq qurumlara getməli, müxtəlif sənədlər yığmalı, rüsum ödəməlidir və sair. Bu prosesin, xüsusən də ucqar rayonlarda yaşayanlar üçün nə qədər çətin olduğunu dərk etmək lazımdır. Ona görə uşaqlar üçün pasport almaq prosesi xeyli asanlaşdırılmalıdır.
Bununla bağlı bir sıra təkliflərim var. Birinci, kiçik yaşlı uşaqlar üçün pasport almaq prosesinin asanlaşdırılmasından ötrü pasportun verilməsi müddəti 2–3 günə qədər endirilməlidir.
İkinci, məlumdur ki, 3 yaşa qədər uşaqlar üçün, məsələn, dəmir yolu və hava yollarında gediş pulsuzdur. 3 yaşdan sonra isə bu ödəniş böyüklər üçün nəzərdə tutulmuş məbləğin 25–30 faizini təşkil edir. Təklif edərdim ki, bu xeyirxah təcrübəni uşaqların pasportlarının verilməsinə də aid edək. Yəni 3 yaşadək uşaqlar üçün pasport verilərkən, ümumiyyətlə, dövlət rüsumu alınmasın, 3 yaşdan sonrakılar üçün isə rüsum böyüklərə nisbətən ən azı 3–4 dəfə az məbləğdə müəyyən olunsun.
Üçüncü təklifim ondan ibarətdir ki, ümumiyyətlə, pasport uşaqlara 3 yaşından sonra verilsin. Həmin yaşa qədər isə uşaqların adları indiki qaydada valideynlərin pasportlarına yazılsın. Qeyd etdiyim bu məsələlərə diqqət yetirilməsini xahiş edərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Düşünürəm ki, biz kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyan bir qanuna əlavə və dəyişiklikləri müzakirə edirik. Bu qanuna zaman-zaman əlavə və dəyişikliklərin edilməsi birinci növbədə vətəndaş müraciətlərinə və günün tələblərinə cavab verən bir addımdır. Mən, təbii ki, bu əlavə və dəyişikliklərə səs verəcəyəm.
Lakin bununla bərabər, sual doğuran iki məsələ ətrafında fikirlərimi bildirmək istəyirəm. Bu, 6-cı maddə ilə, diplomatik pasportların verilməsi ilə bağlıdır və əslində, bu gün müzakirə etdiyimiz əlavə və dəyişikliklərlə heç bir əlaqəsi yoxdur. Bu müddəa əvvəlki, yəni mövcud variantda olub və bu gün də var.
Mən həmin maddənin 3-cü hissəsinə nəzər salmağınızı istəyirəm. Burada deyilir ki, diplomatik pasport Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin Sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə) və 18 yaşına çatmış ərdə olmayan qızına verilir. Lakin başa düşmək olmur ki, “xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslər” sırasına 1-ci və 2-ci hissələrdə sadalanan şəxslər də daxildir, ya yox. Ona görə də düşünürəm ki, burada “1-ci və 2-ci hissələrdə sadalanan şəxslər” ifadəsi işlənərsə, fikir daha aydın olar.
İkinci məsələ də həmin maddənin 3-cü hissəsi ilə bağlıdır. Əvvəlki müzakirələr vaxtı buna biz bir dəfə toxunmuşduq. Həmin hissədə 18 yaşına çatmış ərdə olmayan qız barədə müddəa da sual doğurur. Başa düşmək olmur ki, nəyə görə qız 18 yaşına çatıb, amma ərə getməyibsə, ona valideynlərinə görə diplomatik pasport verilir, amma oğul 18 yaşına çatıbsa, artıq diplomatik pasport əldə etmək hüququnu itirir. Yəni bu iki məsələyə aydınlıq gətirilməsini xahiş edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Mən Elmira xanımın dediklərini tam müdafiə edirəm. Mənim də fikrimlə üst-üstə düşür. Təkrar eləmək istəmirəm. Əlavələrə redaktə xarakterli bir neçə düzəliş təklif etmək istəyirəm.
Birinci, 6-cı maddənin 3-cü bəndində “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “Milli Məclisinin Sədrinin” sözləri yazılıb. Mən hesab edirəm ki, burada “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “Azərbaycan Respublikası” sözləri əlavə olunmalıdır.
İkinci, 9-cu maddənin axırıncı abzasında yazılıb: “Pasportun verilməsi haqqında ərizəyə baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər.” Hesab edirəm, belə yazılmalıdır: “Pasportun verilməsi haqqında ərizəyə baxılması süründürməçiliyə və ya bundan imtinaya səbəb olarsa, vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər”.
Nəhayət üçüncü, axırıncı əlavədə yazılıb: “Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı, ödənilməli olan dövlət rüsumunun məbləğləri...”. Mən hesab edirəm ki, burada “məbləğləri” yox, “məbləği” sözü yazılsa, daha düzgün olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Müzakirəmizə çox mühüm layihə çıxarılıb və o hər birimizin ürəyindəndir. Çünki bu məsələ Azərbaycan valideynlərini xüsusi narahat edirdi. Müxtəlif baryerlərdən keçməli idilər. 18 yaşına qədər olan insanlarımızın da ümumvətəndaş pasportu ilə və ölkədən xaricə çıxması üçün gərəkli sənədlərlə təmin olunması çox mühüm addımdır. Əlbəttə, burada müddət məsələsində müxtəlif diskussiyalar gedə bilər. Mən 18 yaşınadək uşaqlar üçün pasportun üç dəfə dəyişdirilməsinin müxtəlif yaş dövründə insanın fiziki quruluşundakı dəyişikliklərlə bağlı olduğunu bilsəm də, hesab edirəm ki, 3 yaşından 18 yaşınacan olan dövrü üç yerə yox, iki yerə bölmək olar. Biz hamımız uşaqlıqdakı şəklimizə çox oxşayırıq. Zahiri görünüşdə kəskin dəyişmələrin olmadığı üçün həmin yaş dövründə bu işi, məncə, cəmi iki dəfə görmək kifayətdir. Mənə elə gəlir ki, bu qanunun qəbulu Azərbaycan parlamenti tərəfindən çox mühüm addım kimi dəyərləndiriləcəkdir.
Cənab Sədr, çox xahiş edirəm, cəmi bir neçə cümlə ilə Ermənistanın son dövrlər bütün cəbhə və sərhəd boyu ərazilərdə atəşkəsi böyük miqyasda pozması ilə bağlı narahatçılığımızı və hiddətimizi bildirməyə mənə imkan verəsiniz. Narahatçılığımız təkcə orada yaşadığımız itkilərlə deyil, başlıca olaraq bunun hədəfi ilə bağlıdır.
Ermənistan hakimiyyəti bunu, sadəcə, daxildəki qüvvələri sakitləşdirmək, Qarabağ kartı ilə oynamaq, Sarkisyanın ətrafındakı dairələri özünə bağlamaq üçün eləmir. Bu, geopolitik bir məsələdir, regionda Azərbaycanı Avrasiya İttifaqına qoşmaq, gömrük birliyinə daxil eləmək, bəlkə də gələcəkdə kollektiv təhlükəsizlik müqaviləsinə qoşmaq üçün böyük siyasətin bir hissəsidir. Düşünürəm ki, xanım Klintonun səfəri dönəmində də atılan güllələr həm də Amerikanın maraqları əleyhinə idi. Bu o demək idi ki, Qarabağ məsələsinin partlaması neft müqavilələrinin də, regiondakı sabitliyin də əleyhinə işləyərdi.
Sədrlik edən. Zahid müəllim, sən iki cümlə dedin, bizə mühazirə oxuyursan. Gündəliklə əlaqədar danış.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda hamı gündəliyi qoysun bir tərəfə, başqa söz danışsın.
Z.Oruc. Cənab Sədr, mən fikrimi yekunlaşdırmaq istəyirəm. Heç şübhəsiz ki, bu addımlar Azərbaycanın maraqlarına zidd olduğu kimi, Qərbin də, Avropa Birliyinin də maraqlarının ziddinədir. Onlar siyasi bəyanatlarla məhdudlaşmamalı, Ermənistanın bu addımlarına qarşı daha kəskin münasibət göstərməlidirlər. Necə ki, Suriya üzərində beynəlxalq koalisiyalar formalaşdırılır, bu məsələ də Azərbaycanın beynəlxalq müdafiəsinə səbəb olmalıdır.
Türkiyə ilə Azərbaycan arasında hərbi məsləhətləşmələr, hərbi addımlar davam eləməkdədir. Çünki bundan əvvəlki dövrdə necə müdafiə ediblər, biz o cür də müdafiə olunmalıyıq. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Zahid müəllim təklif edir ki, 18 yaşınadək uşaqlar üçün pasportlar yaşa görə üç dəfə deyil, iki dəfə dəyişdirilsin, çünki bu dövr ərzində uşaqların siması o qədər də dəyişmir. Amma hamıda sənin kimi bəxtəvərlik yoxdur ki, həmişə eyni sifətdə qalasan, cavan qalasan. Elə olsaydı, bunları eləməzdik. Yaxşı, bu məsələ ətrafında çıxışlar oldu. Çıxış üçün təkid eləyən var? Flora xanım, buyurun.
F.Qasımova. Mən çıxış etmək yox, sual vermək istəyirdim. Sualım Əli müəllimədir. Həqiqətən, vətəndaşlar arasında bu məsələ ilə bağlı çox böyük problemlər yaranırdı. 18 yaşına kimi uşaqların şəkilləri pasporta yapışdırılırdı və yaxud uşaq xaricdə təhsil almağa gedirdisə, müalicəyə gedirdisə və ya daimi köçüb gedirdisə, pasport alınırdı. Əli müəllim, belə hallarda, adətən, valideynlərin razılığı lazım olurdu. Amma bəzən, görürsən, valideynlər ayrılmış olur, ayrılmış valideynlərdən biri xaricdə yaşayır və ailə heç bilmir ki, xaricdə o haradadır, çünki onunla əlaqəsi yoxdur. Bu zaman valideyn narazı qalırdı, çətinliyə düşürdü. Yenədəmi uşaq pasport alanda valideynlərinin razılığı lazım olacaqdır?
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, Siz cavab verəcəksiniz, ya Ərzuman müəllim? Ərzuman müəllim, danışmaq istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Birincisi, rüsumlarla bağlı. Bu məsələ bu qanunun predmeti deyil. Rüsumlar “Dövlət rüsumu haqqında” Qanunla tənzimlənir. Təbii ki, bu qanunun qüvvəyə minməsi ilə bağlı biz “Dövlət rüsumu haqqında” Qanuna da baxacağıq. Məhz onda rüsumun tutulmaması, hansı hallarda tutulması, azaldılması, çoxaldılması məsələləri müzakirə oluna bilər. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu cür pasportların, yəni biometrik daşıyıcıları olan, çip yerləşdirilən pasportların hazırlanması daha bahalı prosedurdur. Ona görə, əlbəttə, mən bu narahatçılıqla razıyam. Amma qeyd edim ki, bu, hazırda müzakirə olunan bir məsələdir.
Jalə xanımın və İlyas müəllimin 6-cı və 9-cu maddələrlə bağlı təklifləri cənab Prezident tərəfindən qanuna təklif olunmuş əlavələr və dəyişikliklərlə bağlı olmasa da, onların müəyyən əsası var. Biz onları mütləq öyrənərik. Amma hazırda mən onları cavablandıra bilməyəcəyəm, çünki onlar təklif olunan əlavə və dəyişikliklərlə bağlı deyil, ümumiyyətlə, yeni təkliflərdir. Ona görə icazə verin, biz o təklifləri öyrənək. Bu iki qanun üzərində bizim işimiz davam edəcəkdir.
Flora xanımın qaldırdığı məsələ çox aktual məsələdir. İndiyədək də qanun imkan verirdi ki, 18 yaşınadək uşaq və yeniyetmələrə müstəsna hallarda pasport verilsin. Bizim qanunda bu qeyd olunub. Əlbəttə ki, valideynlərin razılığı, bundan sonra da lazım olacaq. Biz məhz ona görə belə pasportların verilməsi üçün bu layihədə müəyyənləşdirilmiş müddətin azaldılması ilə bağlı təklifi müzakirə etdik və Prezident Administrasiyası ilə razılığa gəldik ki, hələlik bir ay müddəti qalsın. Çünki valideynlərin iştirakına yenə ehtiyac var. Əlbəttə, bütün bu məsələlər mülki qanunvericiliklə tənzimlənir. Təəssüf ki, praktikada Flora xanımın qaldırdığı məsələlər var. Həqiqətən, boşanma halları uşaqlara pasport verilməsində müəyyən çətinliklər yaradır. Amma vətəndaş əgər valideynlik hüququndan məhrum olmayıbsa, valideyndir və onun razılığına yenə də ehtiyac olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.36 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna dəyişiklik edilməsi barədə. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, hazırda kənd və qəsəbələrdə hakimiyyət orqanları müvafiq inzibati ərazi dairələri formasında təmsil olunur. Lakin 24 şəhər və şəhər rayonlarında hakimiyyət orqanlarının belə təmsilçiliyi yoxdur. Misal üçün, 247 min nəfərdən çox əhalisi olan Yasamal rayonu inzibati ərazi dairəsindən məhrumdur. Bakının Nizami, Gəncənin Kəpəz rayonlarında, Lənkəranda və digər şəhər rayonlarında ayrı-ayrı inzibati ərazi dairələrinin mövcudluğu heç də ümumi mənzərəni dəyişmir. Bu ərazi vahidlərinin hamısı və yaxud əsas hissəsi yerli hakimiyyət orqanları ilə təmsil olunmur.
Müzakirəyə təqdim olunan qanun layihəsində şəhərlərdə və şəhər rayonlarında sahə inzibati ərazi dairələrinin yaradılması nəzərdə tutulur. Sizə verilən layihədə sahə inzibati ərazi dairələrinin yaradılma meyarları olmadığı üçün onun razılaşdırılmış redaksiyasını oxumaq istəyirəm. Layihənin 5.4-1-ci maddəsinə aşağıdakı abzas əlavə olunur: “Sahə inzibati ərazi dairəsi onun əhatə edəcəyi ərazidə yaşayan əhalinin sayının 20 min nəfər və daha çox olması şərtilə yaradılır. Əhalinin sayı 20 min nəfərdən az olan, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində yalnız bir sahə inzibati ərazi dairəsi yaradıla bilər”.
Layihədə sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, dövlət reyestrinə daxil edilməsi və digər məsələlər öz həllini tapır.
Layihə komitədə müzakirə edilib və belə rəy alınıb ki, sahə inzibati ərazi dairələrinin yaradılması hakimiyyəti əhaliyə yaxınlaşdıracaq, onun səmərəliliyini artıracaq və sosial-iqtisadi məsələlərin həllinə kömək edəcəkdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Əvvəla, qeyd eləmək istəyirəm ki, bizim həm “Normativ hüquqi aktlar haqqında” Qanuna, həm də Milli Məclisin Daxili nizamnaməsinə görə bu tipli qanunlar qəbul olunarkən mütləq maliyyə ekspertizasından keçirilməli və Milli Məclis üzvlərinə məlumat verilməli idi ki, yeni sahə inzibati dairələrinin yaradılması büdcədən nə qədər əlavə vəsait tələb edir, yəni nə qədər yeni məmur işə götürüləcək, onlar üçün nə qədər administrativ binalar tələb olunur və bunlar dövlətə, büdcəyə hansı hesaba başa gələcək. Bu qanun belə ekspertizadan keçmədiyi və Milli Məclis üzvlərinə belə bir məlumat verilmədiyi üçün, mən hesab edirəm ki, bu gün biz onu qəbul edə bilmərik, ona görə də gündəlikdən çıxarılmalıdır.
Yeri gəlmişkən, mən xatırlatmaq istəyirəm ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan şəxslər bu yaxınlarda mətbuatda çıxış eləyib söyləyirdilər ki, regional icra orqanları yaradılmalıdır və bir çox rayon icra hakimiyyətləri hətta ləğv olunmalıdır. Nə baş verdi ki, hakim partiyanın siyasətində birdən-birə bu qədər ciddi, 180 dərəcədə dəyişiklik edildi?
Bundan başqa, biz vaxtilə “Bələdiyyələr haqqında” Qanun qəbul eləyəndə və o qanunda bələdiyyələrin səlahiyyətləri minimal müəyyənləşdiriləndə, onlara çox kiçik səlahiyyətlər veriləndə deyildi ki, bunlar yeni yaradılmış özünüidarə qurumudur. Zaman keçəcək, onlar təcrübə toplayacaq və tədricən biz icra hakimiyyəti orqanlarının müəyyən səlahiyyətlərini alıb onlara verəcəyik. Çünki yerli özünüidarə orqanları kollegial orqanlardır və birbaşa yerli əhali tərəfindən seçilirlər. Amma zaman keçdikcə biz görürük ki, əksinə, icra hakimiyyəti orqanları haqqında yeni təsdiq olunmuş Əsasnamədə onların səlahiyyətlərinin artırılmasından söhbət gedir.
İndi də sahə inzibati dairələri yaradılır. Əslində, biz icra hakimiyyəti orqanlarının səlahiyyətlərini genişləndiririk. Hazırda bütün dünyada dövlət məmurlarının sayı azaldılır, dövlət xərcləri azaldılır. Biz isə bunun əksinə gedirik. Neftin də qiyməti, gördüyünüz kimi, hətta büdcədə bizim nəzərdə tutduğumuzdan da aşağı səviyyəyə düşüb. Büdcə gəlirlərinin isə 70 faizi neft hesabınadır.
Belə bir vəziyyətdə, belə bir şəraitdə, 20 faiz torpağımızın işğal altında olduğu bir dövrdə, ordunun silahlandırılması üçün, peşəkar orduya keçmək üçün böyük vəsait tələb olunduğu halda icra orqanlarının, dövlət qulluqçularının sayının bu cür şişirdilməsi, mən hesab edirəm ki, bizim maraqlara cavab vermir. Ona görə də deputat həmkarlarımı qanunun əleyhinə səs verməyə, ümumiyyətlə, onu gündəlikdən çıxarmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hörmətli həmkarımın fikirlərinə qoşuluram. Bu sənəddə göstərilir ki, sahə inzibati idarəetmə strukturları idarəetməni əhaliyə daha yaxın etmək məqsədilə yaradılır. Amma mən hesab etmirəm ki, bunu mütləq yeni strukturların yaradılması ilə etmək lazımdır. Hər halda bu dəyişiklik hakimiyyətin yerli icra strukturlarının, bürokratik aparatın genişlənməsi hesabına olmamalıdır. Yerli özünüidarə orqanlarının, bələdiyyələrin mövcud olduğu bir şəraitdə bunu başqa bir yanaşma ilə də eləmək mümkündür. İdarəetmə strukturu həm kiçik, həm də təbii ki, çevik olmalıdır.
Hesab edirəm ki, burada paralellik yaranacaq və bu paralelliyin özü də vətəndaşların hüquqlarının daha çox pozulmasına xidmət edəcək. Məlumdur ki, vətəndaşların hüquqları daha çox yerli icra hakimiyyətlərində pozulur. Bu səbəbdən də icra hakimiyyətinin yeni strukturlarının yaradılması və onların səlahiyyətlərinin artırılması, məncə, məntiqli deyil. Məntiqli o olardı ki, yerli özünüidarəetmə institutu gücləndirilsin, yerli icra hakimiyyəti səlahiyyətlərinin bir qismi bu qurumlara verilsin, Bakıda və iri şəhərlərdə mer seçkiləri keçirilsin və sair. Belə projelər də, məncə, səslənib, bu təkliflər olub. Bunu nəzərə alsaydılar, daha normal olardı.
Ölkədə bələdiyyə institutu yaradılıb. Bələdiyyələrin yaradılmasında əsas məqsəd nə idi? Məqsəd bu idi ki, tədricən yerli icra strukturlarının fəaliyyəti məhdudlaşdırılsın, hətta ləğv olunsun və bu funksiyanı bələdiyyələr daşısınlar. Ancaq gözlənildiyinin əksinə olaraq bələdiyyələrə lazımi hüquqlar verilmədi. İndi olan-qalan səlahiyyətlər də kağız üzərində qalacaq, bələdiyyələr, demək olar ki, tamamən yardımçı, törəmə bir quruma çevriləcək.
Bu dəyişikliyə qətiyyən ehtiyac və əsas yoxdur. Ona görə ki, əvvəla, icra hakimiyyətlərinin qanunla nəzərdə tutulan indiki işi rayonların abadlaşdırılması və yerli infrastruktur layihələrinin icrasından ibarətdir ki, bu işlərlə də əsasən bələdiyyələr məşğul olmalıdır və bunu onlara tapşırmaq mümkündür. İkinci tərəfdən, fərdi tikintiyə icazə verilməsi kimi funksiyaların da məhdudlaşdırılması artıq bizim qəbul edəcəyimiz Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulub. Üçüncü, rayonlarda müəssisələrin çoxu özəlləşib və özəlləşməyən müəssisələr də Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır. Yəni özəl müəssisələr sahibləri tərəfindən, dövlət müəssisələri də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən idarə olunur. Büdcə təşkilatlarının idarəçiliyi nazirliklərin səlahiyyətindədir. Məsələn, məktəblər Təhsil Nazirliyi, xəstəxanalar Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və sair.
İkinci mühüm məsələ Azərbaycanın iqtisadiyyatı ilə bağlı məsələdir. Bu məsələyə bayaq burada həmkarım da toxundu. Biz bilirik ki, iqtisadiyyatımız əsasən xam neftin satışı üzərində qurulub və qeyri-neft sektorunun büdcəmizdəki payı cəmi 25 faiz, 4,5 milyard manat eləyir. Belə bir vəziyyətdə elə bir məqam ola bilər ki, bu vəsait sosial məsələlərin həllinə, investisiya proqramının həyata keçirilməsinə, dövlət aparatının saxlanmasına da çatmaya bilər. İndi neftin qiyməti ucuzlaşır və bu tendensiya davam edəcək. Qiymətin 40 dollar düşməsi proqnozlaşdırılır. Bunu guya Rusiya eləyir, amma dünya bunun üzərinə əl qoyub, dayanıb. Məncə, belə bir vəziyyətdə yeni strukturların yaradılması yersizdir. Mən də hesab edirəm ki, bu məsələyə yenidən baxmaq daha uyğun olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bizim komitədə bu qanun layihəsi, bu dəyişikliklər müzakirə olunarkən bütün komitə üzvləri bunun lehinə səs verdilər və ictimaiyyət arasında bu çox müsbət bir hal kimi qiymətləndirildi. Lakin idarəetmə ilə yaxından tanış olmayan insanlar bunu bürokratik bir orqanın yaradılması kimi qiymətləndirirlər.
Bu layihə barədə fərqli fikirlər var. Ancaq mən açığını demək istəyirəm ki, bu, insanların rifahına xidmət edən çox mütərəqqi bir dəyişiklikdir, yerlərdə icra strukturları ilə insanların münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən bir qanun layihəsidir. Bax, bu gün biz deyirik ki, ölkədə insanların rifah halı yaxşılaşdırılmalıdır, onların ərizələrinə, şikayətlərinə, müraciətlərinə vaxtında baxılmalı, cavab verilməlidir, yeni iş yerləri açılmalıdır, gənc kadrlar idarəetmə sahəsində təkmilləşməli, püxtələşməlidirlər. Bəs bunlar harada həyata keçirilməlidir?
Bu gün Bakının elə rayonu var ki, orada 250 min əhali yaşayır, ancaq bircə icra hakimiyyətidir, hamı gəlib ora müraciət edir. Bəzən elə olur ki, orada heç 10 gün, 20 gün qəbula düşmək mümkün olmur. Yaxşı, sahə inzibati ərazi dairələrinin yaradılması bu vəziyyətin düzəldilməsinə xidmət edirsə, bunun nəyi pisdir? Digər tərəfdən, bu ərazilərdə əgər yüzlərlə gənc kadr işləyəcək, insanlarla təmasda olacaq, insanların rahatlığının təmin edilməsinə xidmət edəcəksə, bunun nəyi pisdir? Yaxud həmin sahələrdə əgər nəzarətin gücləndirilməsi təmin olunacaq, sosial-iqtisadi inkişaf sürətləndiriləcək və insanlar bu işə daha yaxından cəlb olunacaqlarsa, bunun nəyi pisdir?
Deyirlər ki, guya bu, büdcəyə ziyan vuracaq. Əslində, burada büdcəyə heç bir ziyan dəymir. Bunlar daxili büdcə hesabına, şəhər icra hakimiyyətinin, rayon icra hakimiyyətinin hesabına ödənilən xərclər olacaq. Bu qanun qüvvəyə mindikdən sonra gələcəkdə nəzərdə tutulacaq ki, rayon bölgüsü olmayan şəhərlərə büdcədən müəyyən maliyyə vəsaiti artırılsın. Bilirsiniz, biz idarəetməni xalqa yaxınlaşdırmalı, adamlara daha yaxın olmalıyıq. Ona görə də mən həmkarlarımı bu qanunun lehinə səs verməyə çağırıram. Xahiş edərdim ki, bu qanunun mahiyyəti, əhəmiyyəti düzgün qiymətləndirilsin və yeri gələndə əhaliyə bu barədə lazımi izahatlar verilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Mən Qüdrət müəllimin, Fərəc müəllimin dediklərini tam dəstəkləyirəm. Doğrudan da, əgər biz idarəçiliyi yaxşılaşdırmaq istəyiriksə, o funksiyaları bələdiyyəyə vermək daha yaxşı olar.
Bir də ki, biz 2009-cu ildə Konstitusiyaya əlavələr etdik. Orada bir bənd də var idi ki, qanun layihələri təqdim olunarkən mütləq əsaslandırılmalıdır. Bizə heç vaxt belə bir əsaslandırmanı özündə əks etdirən arayış təqdim olunmur. Mən istərdim ki, Konstitusiyanın bu tələbi yerinə yetirilsin.
Əlavə olaraq redaksiya xarakterli bir neçə qeydimi bildirmək istəyirəm. 13-1.1.2-ci maddədə “Sərhədinin qonşuluqlarını” yox, “sərhəd xətlərini və ya ərazi qonşuluqlarını” olsa, daha yaxşı olar. 14.2-ci maddədə “onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə yol verilmir” yox, “onların adlarının təhrif edilmiş formasından istifadə edilməsinə yol verilmir” yazılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əlbəttə, mən bu sənədi müdafiə edən həmkarlarımın mövqeyini bölüşürəm. Çünki həqiqətən, elə ərazilərimiz var ki, orada yaşayanlarla yaxından əlaqə saxlamaq, onların hər hansı problemlərini həll etmək mümkün olmur. Bu mənada idarəetmə strukturlarını vətəndaşa yaxınlaşdırmaq xətti seçilir. Əslində, bu çox mühüm bir idarəetmə islahatıdır.
Lakin mən diqqəti ona yönəltmək istəyirəm ki, 2009-cu ildə referendumda Konstitusiyaya çox mühüm bir dəyişiklik edildi, Prezident Aparatı Administrasiyaya çevrildi. Bu öz-özlüyündə fərqli bir struktur deməkdir. Əlbəttə ki, orada müəyyən dəyişikliklər baş veribdir. Bu həmin sistemin kifayət qədər peşəkar işləməsində də özünü göstərir. Bu quruma dövlət sistemində kifayət qədər səriştəli bir insan – hörmətli Ramiz müəllim Mehdiyev rəhbərlik edir.
Azərbaycanın inzibati ərazi vahidlərində də bu islahata çox ciddi ehtiyac var. Xatırlayırsınızsa, ötən dəfə hörmətli Əli Əhmədov təkliflə çıxış etmişdi ki, biz “rayon” sözündən imtina edək. Həqiqətən də, bizdə bir çox məfhumlar keçmiş sovet dövrünün elementləridir. Məsələn, komissarlıqlar elə bunun bir nümunəsi idi. Biz sovet komissarlarından imtina elədik. Bu bir xidmət qurumuna çevrildi. Mən çox arzulayıram ki, biz “rayon” sözündən imtina etməyə hazırlaşdığımız bir zamanda elə bəri başdan “sahə” kimi rus düşüncəsindən gələn bir məfhumu da qəbul etməyək. Gəlin ilçə edək, məhəllə edək, buna bənzər başqa sözlərdən istifadə edək. Allaha şükür, toponimiya sahəsində bizim o qədər peşəkar mütəxəssislərimiz var ki, onların adyaratma üzrə ixtisaslaşanlarını bura dəvət edək və onların köməyi ilə daha uğurlu bir söz seçək. Bu, sadəcə, bir addəyişmə məsələsi deyil, ərazi vahidlərinin milliləşdirilməsi yolunda çox mühüm addım olardı.
Kim bu məfhumların, adların elə-belə şərti mahiyyət daşıdığını düşünürsə, çox səhv edir. Bunların psixologiyada, düşüncədə çox böyük önəmi var. Məsələn, mənim doğulduğum kənd Əli İsmayıl adlanıb. Onun sonrakı adını mənəvi cəhətdən həzm eləmək mənim üçün çox çətindir. Ona görə mən qanunvericilik təşəbbüsü hüququ subyektlərindən bu məsələyə bir daha baxılmasını arzulayıram. Amma sistem kimi normaldır. Buna səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən həmkarlarımın çıxışlarına diqqətlə qulaq asdım. Burada sanki belə bir fikir formalaşdırılmağa çalışılır ki, bələdiyyə institutuna qarşı hansısa addımlar atılır, yaxud bürokratik aparat adlandırılan administrasiya və onun yerli qurumları öz səlahiyyətlərini daha da genişləndirmək və bununla da əhalini sıxışdırmaq məqsədi güdür. Bu fikirləri eşidəndə elə bilirsən ki, hansısa bir maraqlı kitab oxuyursan və yaxud məqsədli şəkildə insanlara əzab-əziyyət vermək istəyən hansısa bir qrup haqqında danışırsan. Bunlar qətiyyən normal məntiqə və ağla sığmır.
Bilirsiniz, təkliflər vermək olar. Demokratik yerli özünü-idarə qurumu olan bələdiyyənin inkişaf etdirilməsi, daha da möhkəmləndirilməsi üçün yeni təkliflərlə çıxış etmək, onların səlahiyyətlərinin daha çevik, daha rahat, daha asan həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirmək olar. Amma bu fikirlər digər bir hakimiyyət orqanına qarşı yönəldilməməlidir. Yoxsa belə çıxır ki, biz bu iki institutu bir-birinə qarşı qoyur, birini digərindən üstün tutur və hesab edirik ki, bununla da hansısa siyasi məqsəd və maraqlarımızı yerinə yetirmiş oluruq.
Mən Prezident Administrasiyasının və ya rayon icra hakimiyyətlərinin bu gün öz səlahiyyətlərini Prezidentin sərəncamları və müvafiq əsasnamə əsasında çox doğru və düzgün həyata keçirdiyi qənaətindəyəm və hesab edirəm ki, bu institutun özünün təkmilləşdirilməsinə ehtiyac vardır. Biz heç zaman bunu ləğv etməyəcəyik və bu qurum heç bir zaman yerli bələdiyyə orqanları ilə əvəz olunmayacaq. Azərbaycan Prezident üsulu ilə idarə olunan respublikadır və onun da icra orqanları adı çəkilən qurumlardır. Onlar daimi işlək qurumlar olacaqlar. Ona görə də bu daimi işlək qurumların işini günün tələbləri səviyyəsinə çatdırmaq lazımdır.
Hal-hazırda bələdiyyə qurumlarına qarşı addımlar atılmır, əksinə, bu qurumun öz fəaliyyətini daha çevik, daha rahat və insanların mənafeyi naminə daha asan həyata keçirməsi yolları aranır. Mən hesab edirəm, irəli sürülən təkliflər də bu tələblərə cavab verən təkliflərdir.
Bu ərazilərin necə adlanmasına, sahə yox, ilçə və yaxud məhəllə adlanmasına gəlincə, bilirsiniz, “sahə” sözü bizim dilimizdə yeni deyil və biz onu bir çox sahələrdə istifadə edirik. O bizim dilimizə termin kimi də daxil olub və çox uğurla da işlənir. Bu sözü Rusiya ilə, rus dili ilə bağlamaq və buna qarşı Türkiyə variantını ortaya qoymaq Azərbaycan dilini, ümumiyyətlə, bir tərəfə qoymaq deməkdir. Biz əgər hansısa sözü əvəzləmək istəyiriksə, gərək onun qarşılığını öz dilimizdə axtaraq. Mən bunun tərəfdarıyam. Mən bununla qətiyyən türk dilinə və yaxud türk ifadələrinə qarşı fikir səsləndirmirəm. O öz yerində işlənəndə çox gözəldir və bizim dilimizin sözləri də öz yerində işlənəndə gözəldir.
Mən irəli sürülən təklifləri çox normal, işin xeyrinə olan təkliflər kimi qəbul edir və icra institutunun yerli qurumlarını gözdən sala bilən bu fikirləri qətiyyən qəbul etmirəm. Hesab edirəm ki, bu təkliflər qəbul olunmalıdır və onların yerinə yetirilməsi üçün də Azərbaycan büdcəsində kifayət qədər vəsait vardır. Çox az sayda olacaq sahə inzibati ərazi dairələrinin fəaliyyəti böyük vəsait tələb etməyəcəkdir. Ona görə ölkənin müdafiə qabiliyyətinin zəifləyəcəyi, iqtisadi imkanlarımızın sürətlə aşağı düşəcəyi, insanların sosial həyatına sərf oluna biləcək vəsaitlərin “bürokratik aparatın” saxlanılmasına yönəldiləcəyi ilə bağlı nağılsayağı fikirlərlə gəlin insanlarımızı qorxutmayaq.
Mən hesab edirəm ki, müzakirəyə o qədər də ciddi ehtiyac yoxdur, bu məsələni səsə qoyub qəbul etmək olar.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Kifayət qədər fikir müxtəlifliyi yaradan bu məsələnin belə çoxşaxəli bir forma almasının səbəbi nədir? Məsələyə müxtəlif müstəvilərdə yanaşılır – maddi müstəvidə, bürokratik əngəllərin yaradılması müstəvisində və sair. Biz ilk növbədə bu məsələnin fəlsəfəsini dərk etməliyik. Zahirən belə görünə bilər ki, bütün respublikanı əhatə edən böyük bir struktur yaradılacaq və bu çox böyük maliyyə vəsaiti tələb edəcək. Amma bu məsələ rayonlara aid deyil. Rayonlarda kəndlər, qəsəbələr, ərazilər, strukturlar var. Rayon icra hakimiyyəti yerlərdə öz fəaliyyətini kənd icra nümayəndələri vasitəsilə həyata keçirir.
Nə üçün belə bir məsələ gündəmə gəlib? Bakının bir neçə rayonunda, məsələn, Yasamal rayonunda kəndlər yoxdur. Hər rayonda həftədə bir qəbul günü var. Gəlin məsələyə mənəvi müstəvidə yanaşaq. Bu rayonda yaşayan neçə yüz min əhalidən təxminən filan qədəri qəbula gəlir. Nə üçün? Çünki bunun inzibati strukturunda dediyimiz o sahə inzibati ərazi dairələri olmadığı üçün bütün yük birbaşa rayon icra hakimiyyətinin üzərinə düşür. Bakının kəndlər olan rayonlarında belə deyil.
Bu məsələ kifayət qədər ölçülüb-biçilib. Sadəcə olaraq, insanlarla rayon icra hakimiyyəti arasındakı münasibəti tənzimləmək, idarəetməni sadələşdirmək üçün bu məsələ irəli sürülüb. Budur məsələnin mahiyyəti. Bakıda bir neçə belə rayon var. Yəni bu, cəmi bir neçə rayona şamil olunan məsələdir. Digər rayonların ərazi nümayəndələri var. “Bütün respublikada ərazi strukturu yaradılır, ay aman, bu çox ciddi əngəllər yaradacaq” fikri tamamilə yanlış fikirdir. Bu, sadəcə olaraq, məsələyə zahiri yanaşmadır, məsələnin fəlsəfəsini kifayət qədər dərindən bilməməkdir.
Ona görə təkrar edirəm, bir-iki rayonla bağlı olan, yerlərdə insanlarla dövlət idarəetmə strukturları arasında əlaqələri gücləndirən belə bir mütərəqqi addımın atılması kifayət qədər diqqət çəkən məsələdir. Heç bir problem yaradılmır, bunlar rayona ayrılmış büdcələr hesabına yaradılır. Əvvəllər MİS-lər var idi, indi onlar portfeli olmayan bir idarədir. Bu da sanki o strukturu əvəz edə biləcək bir struktur formasıdır. Ona görə güman edirəm ki, bu məsələni səsə qoyub qəbul eləmək lazımdır.
Sədrlik edən. Çıxış üçün təkid edən var? Fazil müəllim, təkid edirsiniz? Buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məlumdur ki, Azərbaycanda yerli özünüidarəetmə ilə bağlı effektli bir struktur yoxdur və vətəndaşlar hər gün icra hakimiyyətləri ilə bələdiyyələr arasında ziddiyyətlərin, hüquq və səlahiyyətlər bölgüsündə olan problemlərin çətinliklərini öz üzərində hiss edirlər. Yaradıldıqları gündən bəri, yəni ötən 10–12 il ərzində bələdiyyələrin hər hansı bir şəkildə inkişafından çox geriləməsinin şahidi olduq. İndi mən burada vəsait və başqa məsələlərlə bağlı məqamlara toxunmaq istəmirəm. Təbii ki, dövlətin pulu varsa, effektiv idarəetmə formasına vəsait xərcləməlidir.
Mən burada prinsipcə bizdə hüququn aliliyinə olan münasibətə dair fikrimi bildirmək istəyirəm. Biz 2009-cu ildə Tikinti Məcəlləsi qəbul etdik. Tikinti Məcəlləsində MİS-lərin, demək olar ki, gündəmdən çıxması nəzərdə tutulurdu. Amma indi 2012-ci ildir, gündəlik həyatımızda yenə də mənzilistismar sahələri fəaliyyət göstərməkdədir. Bu nə deməkdir? Bu o deməkdir ki, burada qəbul olunan qanunlar bir çox hallarda, sadəcə, statistika üçün lazımdır, mahiyyətcə heç bir məna və əhəmiyyət daşımır.
Bu gün yeni bir struktur, sahə ərazi dairələri strukturu yaranırsa, bu, birinci növbədə Konstitusiyaya uyğunlaşdırılmalıdır. Məncə, bu gün təklif olunan qanun birbaşa Konstitusiyaya ziddir. Sahə inzibati ərazi dairəsinin yaradılması Konstitusiyada nəzərdə tutulsaydı, bunun bu qanunda əks olunması yerində olardı. Bu, Konstitusiyaya zidd olduğuna görə bizim onu bu gün müzakirə eləməyimiz, məncə, doğru olmaz.
İkinci, mən o fikirlə razıyam ki, biz “Normativ hüquqi aktlar haqqında” Qanun qəbul etsək də, ona riayət etmirik. Mən belə başa düşürəm ki, bu qanunun müvafiq müddəası daha çox müstəqil şəkildə qanunvericilik layihəsi ilə çıxış edən millət vəkillərinin hüquqlarının məhdudlaşdırılmasına xidmət edir. Çünki bu müddəa əgər hamıya aiddirsə, onda buyurub bu kimi təkliflər verəndə mütləq ekspertizanın da nəticələrini təqdim etmək lazımdır. Əgər bu ancaq ayrı-ayrı millət vəkillərinə aiddirsə, onda bu o deməkdir ki, artıq bizim ölkədə qanunlar da imtiyazlı xarakter daşımağa başlayır və bu, bir kateqoriyaya tətbiq olunur, digər kateqoriyaya tətbiq olunmur. Ona görə də bu rəyin olmaması, yeni qurumun yaradılmasının büdcəyə neçəyə başa gələcəyinin burada ifadə olunmaması, həqiqətən, səsvermədə millət vəkilləri üçün problem yaradır və qanuna ziddir. Məncə, ona görə də bunun səsverməyə çıxarılması doğru deyil.
Üçüncü bir ziddiyyət. Burada 11-1.1-ci maddədə deyilir ki, sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həyata keçirilir. 11-1.2-ci maddədə isə göstərilir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində bu, Ali Məclisin vəsatəti əsasında həyata keçirilir. Əgər ümumi strukturlaşmadan söhbət gedirsə, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı onun Nazirlər Kabinetidir. Yəni bu hər yerdə eyni qaydada olmalıdır. Hər halda biz elə etməliyik ki, qəbul etdiyimiz qanunlarda bu kimi ziddiyyətlər olmasın. Yəni bu ya Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həyata keçirilə bilər, ya da buna Naxçıvan Ali Məclisinin vəsatəti əsasında Milli Məclis tərəfindən baxıla bilər. Bu kimi məsələlərdə, məncə, bir qədər dəqiqliyə ehtiyac var.
Ümumiyyətlə, mən də bu qanunun əsas məqsədinin yeni iş yerlərinin açılması olduğu düşüncəsindəyəm. Yəni ki, hər rayonda 7–8 əlavə bürokratik mexanizm yaranır. Bu mexanizm də bələdiyyələrin daha çox sıradan çıxmasına səbəb olacaqdır. Yəqin ki, yaxın gələcəkdə təklif səslənəcək və biz ölkədə yerli özünüidarəetmə məsələsini Konstitusiyadan çıxarmalı olacağıq. Çünki artıq bunun heç bir mənası qalmır. Ona görə də yaxşı olardı ki, biz bu məsələnin yerinə bələdiyyələrin hüquqlarının genişləndirilməsi məsələsini müzakirəyə çıxaraq, icra hakimiyyətlərinin bir çox səlahiyyətlərinin bələdiyyələrə verilib onun canlı bir quruma çevrilməyinə nail olaq və bu istiqamətdə işimizi gücləndirək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış üçün təkid edən yoxdursa, mən də bir neçə kəlmə demək istəyirəm. Fazil müəllim hüququn aliliyindən başladı, mən də elə hüququn aliliyindən başlayıb, öz fikrimi bildirmək istəyirəm.
Fazil bəy, Siz bu yaxınlarda mənə dövlət qulluğu ilə bağlı bir doktorluq dissertasiyası təqdim etdiniz. Mən onu çox böyük məmnuniyyətlə oxudum. Orada müəyyən çatışmazlıqları tənqid edən müəllifin gəldiyi əsas nəticələrdən biri də o idi ki, Azərbaycanda icra hakimiyyəti strukturlarının xalqa yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması üçün əlavə həlqələrə ehtiyac var. Bu adam doktor adı alacaq. Mənim çox xoşuma gəldi, çox da yaxşı iraddır. Buyur, elmi təklifdir, burada əsasını tapdı. Bu, məsələnin birinci tərəfi.
Burada kimsə dedi ki, bunu elə müəyyən qədər islahat da adlandırmaq olar. Bu da yerli dövlət idarəetmə orqanlarında bir islahatdır. Amma bunu bir neçə adamın işlə təmin edilməsi ilə bağlı hörmətdən salmaq, – Fazil müəllim, mən Sizin haqqınızda bu fikri demək istəməzdim, – ən azı ədalətsizlikdir. Söhbət bilavasitə icra hakimiyyəti orqanlarının xalqa yaxınlaşması və idarəetmənin təkmilləşdirilməsindən gedir.
Biz 2009-cu ildə Konstitusiyanın 12-ci maddəsində nə yazdıq? Yazdıq ki, Azərbaycan dövlətinin ali məqsədi insanlara layiq olduğu ən yüksək həyatı təmin etməkdən ibarətdir. Buna nail olmaq üçün isə, Fazil müəllim, əsas şərtlərdən biri hər bir vətəndaşımız üçün bizim Konstitusiyada nəzərdə tutulduğu kimi, dövlətin idarə olunmasında iştirak etmək imkanının yaradılmasıdır. Dövlət idarəetmə orqanı vətəndaşa daha da yaxınlaşmalıdır ki, o bu imkanı əldə edə bilsin. Dövlət indi elə bunu edir də.
Sözsüz ki, bələdiyyələr haqqında da bizim qanunlarımızda işləmələr olacaq, gələcəkdə, yəqin ki, onların da səlahiyyətlərinin artırılmasından söhbət gedəcək. Kim iyun ayının 6-da cənab Prezidentin fərmanı ilə imzalanmış “Yerli idarəetmə orqanları haqqında” Əsasnaməni oxuyubsa, bu fikri daha düzgün başa düşəcək. Mən təəssüf edirəm, yəqin çıxış edənlərin 90 faizi o əsasnaməni oxumayıb. Bu qanunda da dəyişiklik ona görə edilir ki, o, əsasnamə ilə uyğun gəlsin. Əsasnamə artıq işə düşəcək. Biz qanunda dəyişiklik etməliyik ki, o, işə düşsün. Məqsəd yalnız ondan ibarətdir ki, Azərbaycanda bütün kateqoriyalardan olan insanların hüquq və azadlıqlarının təminatı, o cümlədən siyasi təminatı, yəni onların dövlət idarəetmə orqanlarında bilavasitə iştirakı ilə bağlı məsələlər təmin olunsun.
İndi burada yenə bəhanə gətirib deyirlər ki, neftin qiyməti düşüb. Neftin qiyməti vaxtaşırı olaraq qalxacaq da, düşəcək də. Mən sual verirəm, Qüdrət bəy. Biz “Siyasi partiyalar haqqında” Qanun qəbul etdik. Bilirsiniz ki, dövlət büdcədən siyasi partiyaların fəaliyyəti üçün müəyyən qədər pul ayırdı. Niyə demirdiniz, neftin qiyməti düşüb, hörmətli Prezident, bizə pul lazım deyil? Amma dövlət islahat aparanda o saat deyirsiniz ki, pulumuz haradadır bizim, lazım deyil. Ədalətli olaq da. Sizə lazım olanda deyirsiniz ki, siyasi partiyalara pul ayırın. Onda heç neftin qiymətinin aşağı düşməsi yada düşmür. Amma dövlətə lazımdır ki, vətəndaşı dövlətin idarə olunmasında bilavasitə iştirak etsin, fəal olsun, onun hüquq və azadlıqları daha dərindən təmin edilsin. Dövlət bu islahatı keçirəndə deyirsiniz, pulumuz haradadır, neftin qiyməti aşağı düşüb.
Özü də burada söhbət hər hansı bir aparatın şişirdilməsindən getmir. Bayaq Tahir müəllim, Fəzail müəllim tamamilə düzgün qeyd etdilər. Burada söhbət ancaq bir neçə şəhər rayonundan gedir. Məsələn, rayon bölgüsü olan Bakı şəhərində belə bir şeyə ehtiyac var. Bu da edər 20 nəfər, lap uzağı 30 nəfər. Bunun büdcəyə, neftin qiymətinin düşməsinə nə dəxli var? Məsələnin fəlsəfəsi, mayəsi, qayəsi kənarda qalıb, biz ucuz şeylərdən danışırıq. Ona görə xahiş edirəm, bu gözəl qanun layihəsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
Lehinə  103
Əleyhinə  4
Bitərəf  0
Səs verməd 0  
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri. Bu layihələr bir-biri ilə bağlı olduğuna görə, Valeh müəllim, mümkünsə, bir yerdə məruzə olunsun, amma səsverməni ayrı apararıq. Buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm. Birinci məsələni mən təqdim edərəm, ikinci məsələni Əli müəllim təqdim edər. Bildiyiniz kimi, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi təklif olunur. Dəyişikliklər nədən ibarətdir? 12-ci maddənin birinci abzasını oxuyuram: “Zərərsizləşdirmək məqsədi ilə məişət tullantıları əhali tərəfindən müəyyən olunmuş yerlərdə yerləşdirilməlidir. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması qadağandır”. Layihədə təklif olunur ki, bu cümlənin əvəzinə daha dəqiq, daha düzgün şəkildə bu cür yazılsın: “Zərərsizləşdirmək məqsədi ilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır”. Oradaca, ikinci abzasda dəqiqləşdirilir: “Şəhərlərdə və rayon (şəhər rayonları istisna olunmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır”.
Xahiş edirəm, müzakirələr zamanı bu məsələyə diqqətlə yanaşasınız. Xırda da olsa, önəmli bir məsələdir. Bəzi suallar ortaya çıxa bilər. Layihənin komitədə keçirilən müzakirələrində də bu suallar ortaya çıxmışdı. Müzakirələrdən sonra razılaşdıq ki, doğrudan da, “İstehsalat və məişət tullantıları haqqında” Qanunu, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunu diqqətlə oxusaq, görərik ki, bu cümlə öz yerində, düzgün yazılmış bir cümlədir. Ona görə də təklif edirəm, bu dəyişikliklərin qəbul olunmasına səs verək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Artıq Valeh müəllimin məruzəsindən təbii olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi ideyası yaranır. Çünki əgər məişət tullantılarının urnalardan kənar yerlərə atılması qadağandırsa, demək, bunun üçün məsuliyyət də nəzərdə tutulmalıdır. Buna görə də İnzibati Xətalar Məcəlləsində məişət tullantılarının urnalardan kənar yerlərə atılması və həmin yerlərdə saxlanılmasına görə həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyənləşdirilir. Bunlar kifayət qədər ciddi cərimələrdir. Hesab edirəm ki, bu cərimələrin tətbiqi yerindədir və belə bir çəkindirici, profilaktiki normaya ehtiyac var.
Hörmətli Ziyafət müəllim, bu təkliflə yanaşı, bizim komitə tərəfindən İnzibati Xətalar Məcəlləsinə bir əlavənin də edilməsi təklif olunur. Söhbət 153-cü maddədən gedir. Biz piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yolu keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat miqdarında cərimə edilməsi təklifi ilə çıxış etmişik. Çünki piyadalar tərəfindən belə pozuntulara yol verilməsi insan tələfatına gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinə tərəfimizdən irəli sürülmüş hər iki əlavə əhəmiyyətlidir və inanıram ki, həmkarlarımız bunları dəstəkləyəcəklər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirələrinə başlayırıq. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Qanuna dəyişiklikləri çox məmnuniyyətlə qarşıladım və mən, təbii ki, onların lehinə səs verəcəyəm. Burada çox aktual məsələ qoyulubdur. Özünüz bilirsiniz ki, bir sıra hallarda məişət tullantıları yığılıb qalır, kifayət qədər müntəzəm təmizlənmir və bu, əhalinin haqlı narazılığına səbəb olur.
Mən ancaq bir məsələ ilə bağlı fikrimi bildirmək istərdim. İndi Əli müəllim dedi ki, onların təklifi ilə 153-cü maddəyə “Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat miqdarında cərimə edilir” cümləsi əlavə olunur. Əlbəttə, bu dəyişiklik əhalinin təhlükəsizliyi naminə edilir. Amma bununla məsələ həll olunurmu? Bax, çox yaxşı yeni aeroport yolu, avtoban tikilibdir. Əlbət ki, bu çox müsbət haldır. Amma eyni zamanda, gəlin razılaşaq ki, o yolun kənarında yaşayan insanların onu addayıb keçməsi üçün faktiki olaraq yer yoxdur. Bu insanlar o yolu necə keçsinlər? Onlar o yolu müəyyənləşdirilməmiş yerlərdən keçməyə məcbur olurlar. Xoşagəlməz bir hal yaranır. İndi də onlar cərimələnəcəklər. Bu problemi, yəni onlar üçün keçid məsələsini mütləq həll etmək lazımdır. Çünki kilometrlərlə məsafəyə uzanan bu yolun kənarında qəsəbələr yerləşir və insanlar o yolu tez-tez keçməli olurlar. Mən bunu demək, yada salmaq istəyirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli xanımlar və cənablar! Əslində, bunlar çox vacib dəyişikliklərdir. Mən bu dəyişiklikləri dəstəkləyəcəyəm. Amma söhbət təkcə dəyişikliklərin mahiyyətindən getməməlidir. Qanun çərçivəsində bu dəyişikliklər çox gözəl görünür. Amma bu dəyişikliklərin necə həyata keçirilməsi əsas məsələ olacaq.
Bizim hamımızı çox ciddi şəkildə narahat edir ki, bölgələrdə də, şəhərlərdə də məişət tullantılarının atılması üçün tutumların (urnaların) sayı kifayət qədər deyil. Çox təəssüf ki, bu sahədə vəziyyət bölgələrimizdə də, şəhərlərimizdə də yaxşı deyil. Bəzən şəhərlərimizin özündə də tutumlardan (urnalardan) kənar yerlərə atılan və ya vaxtında yığışdırılmayan məişət tullantıları külək vasitəsi ilə insanların səhhətinə, sağlamlığına ciddi zərər vurur. Ona görə bu çox önəmli məsələdir. Bu bir mədəniyyətdir və bu mədəniyyətin ölkəmizdə ciddi şəkildə oturuşmasına ehtiyac var.
104.4-cü maddədə deyilir ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Bu çox önəmlidir. Doğrudan da, məsafə az olmalıdır ki, insanlar bu tutumlardan (urnalardan) rahat istifadə edə bilsinlər.
Bəzi şəhər və bölgələrdə zibillər bəzən hətta su mənbələrinə və istənilən başqa yerlərə atılır ki, bu da həm ekologiyaya, həm də bölgələrimizin, şəhərlərimizin görkəminə xələl gətirir. Ona görə də bu vacibdir.
Amma mənim bir təklifim var. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə vurğulanır ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş 100 metr məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat miqdarında cərimə edilir. Bu çox yaxşı. Amma ortada digər bir mənzərə var. Bəzən urnalar olur, amma o urnalar dolduğuna və günlərlə boşaldılmadığına görə insanlar artıq onun ətrafına zibil atmalı olurlar. Mən hesab edirəm ki, nəinki məsafənin nəzərə alınmamasına, tutumların (urnaların) zamanında boşaldılmamasına görə də aidiyyəti fiziki və hüquqi şəxslər məsuliyyət daşımalıdırlar.
Mən çox istərdim ki, bu dəyişikliklər mediyada ciddi şəkildə işıqlandırılsın və insanlarımız görsünlər ki, burada məqsəd onların cəzalandırılması deyil, bu sahədə vəziyyəti yaxşılaşdırmaqdır. İnsanların içərisində belə bir hiss yaranmasın ki, bu dəyişikliklər onları ancaq cəzalandırmaq üçün edilir. Bunlar çox ciddi məsələlərdir. Mən də hesab edirəm ki, yolun hərəkət hissəsinin və dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsi yolverilməzdir. Çünki bu ilk öncə vətəndaşlarımızın özü üçün ciddi təhlükə yaradır. Amma hesab edirəm ki, bu qanun dəyişiklikləri qəbul olunandan sonra onları insanlara çatdırmaq lazımdır.
Mən Gövhər xanımın dediyi məsələni də dəstəkləyirəm. Təbii ki, insanların yolu rahat keçməsi üçün keçidlərin sayı artırılmalıdır. Sabah insanlar deməsinlər ki, qanunlarda bu dəyişikliklər edildi, amma ortadakı real mənzərə odur ki, bizim üçün lazımi şərait yaradılmadı.
Mən bu dəyişiklikləri dəstəkləyirəm. Amma xahiş edərdim ki, bu layihədə təkcə məsafənin nəzərə alınmamasına görə deyil, o tutumların və urnaların zamanında təmizlənib boşaldılmamasına görə də vəzifəli və hüquqi şəxslərin məsuliyyəti öz əksini tapsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Ziyafət müəllim, çox sağ olun. Amma mən bircə dəqiqə əvvəlki məsələyə qayıdaraq demək istəyirəm ki, hər halda bu sahə inzibati ərazi dairələri...
Sədrlik edən. Elmira xanım, əvvəlki məsələ müzakirə olundu, səsə qoyuldu, bitdi. Buyurun.
E.Axundova. Zəhmət olmasa, mənim səsimi kəsməyin. Mən Sizinlə mübahisəyə girmək istəmirəm. Mən bir neçə dəfə orada suala yazılmışdım. Bizim də səlahiyyətlərimiz var ki, hər şeyi başa düşək, bilək. Mən bir şüurlu insan kimi burada ona görə oturmuşam ki, hər bir qanuna şüurlu surətdə səs verim. Bu məsələ cənab Prezidentdən – sevimli, hörmətli Prezidentimizdən gəlib. Mən də istəyirəm buna səs verim və səs verirəm. Lakin mən bu məsələnin mahiyyətini başa düşməmiş ona necə səs verim?
Sədrlik edən. Nəyi başa düşmədinizsə, komitə sədrinə, komitənin üzvlərinə yaxınlaşın, soruşun ki, bu məsələ necədir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz əgər bu məsələ ilə bağlı danışmasanız, sözünüzü kəsəcəyəm. Biz nizamnamə ilə, qanunla işləməyi öyrənməliyik. Ya mövzu üzrə davam edin, ya da söz verməyəcəyəm. Axı mən Sizə dedim ki, o məsələ səsə qoyuldu, bitdi.
E.Axundova. Fikrimi tamamlayaraq sadəcə onu demək istəyirəm ki, belə vacib qanunlar haqqında biz eksplikasiya almalıyıq. Bizə bu mahiyyəti kimsə danışmalıdır, ekspert danışmalıdır. Misal üçün, mən bilmək istəyirdim ki, bu qurum rayon icra hakimiyyəti nəzdində olacaq, ya ondan yuxarıda olacaq. Onun səlahiyyəti necə olacaq? Mən bunu bilmək istəyirdim. Nəyə görə mən bunu sonradan öyrənməliyəm axı? Bunu mənə burada başa salmalıdırlar ki, mən buna şüurlu surətdə səs verim.
Sədrlik edən. Elmira xanım, 15 ildir deputatsınız, Siz hələ indiyə qədər başa düşmürsünüz, harada işləyirsiniz? Qanunvericisiniz, öyrənin də. Mən öyrətməliyəm Sizə? Orta məktəbdə oxuyursunuz? Siz qanunvericisiniz. Məcəlləni, ensiklopediyanı qoyun qabağınıza. Komitə sədrinə yaxınlaşın, Ziyafət müəllimə, Bahar xanıma, Valeh müəllimə yaxınlaşın, deyin ki, mən bu məsələni dərk eləmirəm. Burada olmaz axı. Sabah jurnalistlər yazacaqlar ki, 15 ilin deputatı hələ bilmir, nəyə səs verir. Belə şeylər eləməyin.
V.Ələsgərov. Ziyafət müəllim, üzr istəyirəm, icazə verin, mən deyim. Elmira xanım, bu, yalnız Sizə aid deyil, bütün deputatlara aiddir. Mən bu sözü neçə dəfə demişəm. Kimin məsələyə aid sualı varsa, nəyisə başa düşmürsə, nəyisə düzgün dərk etmirsə, bunu iclasdan qabaq müvafiq ekspertdən, şöbədən, komitə sədrindən öyrənə bilməzmi? Arıf müəllim kimi ağsaqqal, – yaşına, biliyinə, savadına, bu millətə xidmətlərinə görə ona böyük hörmətim var, – bu məsələ ilə əlaqədar sualı olduğu üçün mənə zəng elədi, soruşdu, danışdı. Bütün məsələlər müzakirə olunandan sonra dedi, Valeh müəllim, razıyam ki, belə olsun. Bunu Arif müəllim eləyə bilirsə, başqaları niyə eləyə bilmir? Niyə hər dəfə biz burada bu məsələləri bu şəkildə... Özü də xırda bir məsələdir. Nəyi müzakirə edirdik? Yeni bir şey yoxdur. Prosedur bir məsələdir. Bunun ətrafında bələdiyyə belə gəldi, Konstitusiya belə getdi... Belə olmaz axı.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Buyurun, Elmira xanım.
E.Axundova. Çox sağ olun. İstehsalat və məişət tullantıları haqqında qanuna edilən dəyişikliklərlə bağlı təklif olunan redaksiyasını bəyənirəm və bu dəyişiklikləri məmnunluq hissi ilə qarşılayıram. Mən bu haqda Eurovision ərəfəsində də öz fikir və iradlarımı bildirmişdim. İnkişaf etmiş bütün dövlətlərdə şəhərlərin təmizlik məsələsinə xüsusi diqqət yetirilir. Zibil qutuları çox yaxın məsafədə yerləşdirilir. Avropa dövlətlərində hətta kiçik bir siqaret kötüyünün yerə atılmasına görə müəyyən edilmiş cərimənin məbləği 100 avro olur. Bu da ədalətlidir, çünki sakinlərin təmizliyə riayət etməsi üçün hər cür şərait yaradılıb.
Mühüm haldır ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən fiziki, hüquqi və vəzifəli şəxslərin urnalardan kənara zibil atmasına görə cərimə müəyyənləşdirilir. Lakin bundan daha əhəmiyyətli hal ondan ibarətdir ki, təkcə yeri zibilliyən şəxs deyil, həm də urnaları yerləşdirməli olan vəzifəli və hüquqi şəxslər də onları müəyyən edilmiş məsafədə yerləşdirmədiklərinə görə cərimə olunacaqlar.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Bakı bulvarından başqa, şəhərimizin bir çox yerlərində nəinki 200 metr, hətta bir neçə yüz metrdə belə zibil qutusuna rast gəlmək olmur. Ona görə də bu qanun dəyişikliyi qüvvəyə minməzdən əvvəl şəhərlərdə və başqa yaşayış məntəqələrində təmizliyə cavabdeh olan strukturlara ciddi tapşırılmalıdır ki, onlar küçələrimizə kifayət qədər tutumlar (urnalar) yerləşdirsinlər. Əks təqdirdə sakinlərdə günah axtarmağa dəyməz. Bir də ki bu tutumların xarici görünüşünə diqqət yetirilməli, onlar sanitar-gigiyenik normalara və müasir tələblərə cavab verməlidir.
Kimə isə xırda görünən bu məsələlər, əslində, gözəl, abad şəhərlərimizin imicinə xələl gətirə bilər. Ona görə təkrar edirəm ki, mən bu qanun dəyişikliyini yüksək qiymətləndirir və hər kəsi ona riayət etməyə çağırıram.
Sədrlik edən. Elə bu qanun da ona görə qəbul edilir ki, icra strukturları buna əməl eləsinlər. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də bu dəyişikliklərə səs verəcəyəm, amma burada bir sıra məqamlar var ki, onların üzərində dayanmaq istərdim. Onlardan biri dəyişikliklərdəki qrammatik səhvlərlə bağlıdır. Birinci, burada “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddənin qüvvədə olan redaksiyası” yox, “12-ci maddəsi” normaldır. Bu, texniki bir səhvdir.
Mənim üzərində dayanmaq istədiyim məsələ başqadır. Burada tullantıların tullanma yerlərindən söhbət gedərkən “urnalar” yazılıb və Azərbaycan dilində qarşılığı da “tutumlar” kimi verilib. Çox balaca zibil qablarına “urna” deyilir. “Tutum” sözünün arxasında dayanan semantika «Ñ‘мкость», «Ð²Ð¼ÐµÑÑ‚имость» kimi daha böyük anlamdadır. Ümumiyyətlə, türk dillərinin heç birində bunun qarşılığı da yoxdur. Düşünürəm ki, haradansa gəlibdir. Özbəklərdə, türkmənlərdə “zibil qutusu”, qazaxlarda “zibil yeşiyi”dir. Türklər ona “çöp qutusu” deyirlər. Dilimizdə “qutu” sözü bir az düzbucaqlı anlamını verdiyindən, mənə elə gəlir ki, biz “zibil qabı” ifadəsini işlədə bilərik. Zibil konteynerləri var, və sair.
Bəlkə də çox xırda bir məsələdir, amma mən zəngin bədii dilimizin olmasına baxmayaraq, informasiya dilindəki bəzi çatışmazlıqların ağrısını daim öz üzərində hiss edən adamam. Mənə elə gəlir ki, bununla bağlı çoxlu variant vermək olar. “Urna” sözünün qarşılığı “tutum” deyil. Yenə deyirəm, “urna” deyəndə, balaca zibil qabları nəzərdə tutulur. Amma burada isə məlum olur ki, daha böyük zibil qablarından söhbət gedir.
İkinci bir məsələyə diqqət yetirmək istəyirəm. Bu da inzibati cəza mexanizmi ilə bağlıdır. Son zamanlar olduqca aktual olan bir məsələ var. Birinci dərəcəli zərərli kateqoriyaya aid olan məişət tullantılarının sayı hər bir ölkədə olduğu kimi, Azərbaycanda da getdikcə artmaqdadır. Özü də məişətdə bunun sayı artır. Məsələn, lüminessent lampalarının tərkibində 20–500 milliqram arasında civə var və bu da insan orqanizmi üçün çox təhlükəlidir. Mənə elə gəlir ki, bu cəza məsələsinə diferensial yanaşmaq lazımdır. Yəni adi məişət və birinci dərəcəli təhlükəli məişət tullantısına yanaşmada cəzalar müxtəlif olmalıdır. Çünki birinci dərəcəli məişət tullantısının zərəri sonradan, ümumiyyətlə, aradan qaldırıla bilmir, əbədi olaraq qalır. Bu, nəzərə alınmalıdır.
Digər bir məsələnin də üzərində dayanmaq istəyirəm. Az öncə Qənirə xanım da bu məsələ ilə bağlı danışdı. Bu, sosial reklam məsələsidir. Ümumiyyətlə, bizim qəbul etdiyimiz bir çox qanunvericilik aktları, eyni zamanda, bu düzəliş özündə mütləq sosial reklamların gedişini ehtiva edir. Mən fikirləşirəm ki, bizdə sosial reklamla bağlı ayrıca bir qanuna ehtiyac var. Bilirsiniz, bütün bu məişət tullantıları ilə bağlı məsələlərin hamısı birgə yaşayış qaydalarından doğur. Çox təəssüflə deməliyəm ki, bizdə birgə yaşayış qaydasının səviyyəsi bir çox Avropa ölkələrindən daha aşağı yerdədir.
Bizdə bir misal var: “əvvəl evin içi, sonra çölü”. Amma çox təəssüf ki, bəzən bu, ətraf ərazilərə yanaşmada da özünü göstərir. Binaların 90 faizinin blokuna üfunət qoxusundan girmək olmur. Amma hər kəsin evinin içi gül kimi tərtəmizdir. Axı sən o çirkabın içərisindən keçib gedirsən. Bu hələ bizə çatmır. Məhz bu cür məsələlər, mənə elə gəlir ki, sosial reklamlar yolu ilə həllini tapa bilər. Ona görə də sosial reklam haqqında bir qanun olmalıdır. Ümumiyyətlə, sosial reklam agentliyi yaradılmalıdır. Bizdə televiziyaların əksəriyyəti özəldir və sosial reklamlara o qədər də maraqlı deyillər. Bunun həm də maddi tənzimləmə yolu olmalıdır. Bəlkə qeyri-hökumət təşkilatlarına vəsait ayrılması, yaxud başqa həvəsləndirici yollar olmalıdır ki, bu məsələ öz həllini tapsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də bu məsələ ilə bağlı qısa bir fikrimi bildirmək istəyirəm. Məncə, ad məsələsi, həqiqətən də, dəqiqləşdirilməlidir. Necə “poçt qutusu”, “seçki qutusu” ifadələri işlənirsə, burada da ya “zibil qutusu”, ya da “tullantı qutusu” sözləri işlənməlidir. Qanunvericilik texnologiyasında da, ümumiyyətlə, mötərizəyə çox müsbət baxılmır. Ona görə də bunun daha sadə formada verilməsi vacibdir.
Amma burada bir məsələ var. Yazılıb ki, tutumlararası məsafə 100 metrdən çox olmamalıdır. Belə detalların qanunvericiliyə gətirilməsinin elə bir mənası yoxdur axı. Bunu yerli icra orqanı, yaxud da hər hansı bir struktur yerdə özü müəyyən eləyə bilər. Elə məsafə var ki, heç 100 metr yoxdur. Ona əməl edilib-edilməməsini qanunda nəzərdə tutmağımız bir qədər anlaşılmaz qalır.
İkinci məsələ piyadaların keçidi ilə bağlıdır. Bəlkə burada bir dəqiqləşmə aparaq ki, söhbət ana yoldan getsin. Yəni kəndin içində yüzlərcə yol var, insanlar malqarasını keçirir. İndi onların malqarasını müsadirə edəcəyik? Yoxsa naxırçıdan tutub 20 manat pul alacağıq ki, sən yolun lazım olmayan hərəkət hissəsini keçirsən. Qanun real ictimai münasibətləri tənzim eləməlidir. Əgər bunu eləmirsə, tətbiq olunanda bunu həyata keçirmək mümkün deyil.
Digər tərəfdən, təcili yardım maşını gələndə kimsə çəkilmirsə, bu, mədəniyyət məsələsidir. Bunun saxlayıb 10 manat cərimə eləməklə olmur. Bu, sırf mədəniyyətlə bağlı məsələdir. Ona görə qanunvericilikdə belə məsələlərin cərimə kateqoriyasına aid edilməsi bir qədər anlaşılmazdır və təhqiqatda kifayət qədər ciddi problemlər ortaya çıxır.
Sonda bir məsələyə münasibət bildirmək istəyirəm. Oqtay müəllim, Siz burada yox idiniz, Ziyafət müəllim bizim fikirlərimizə münasibət bildirdi. Lyudovik aradabir şeirlər yazırdı. Sarayda hamını yığıb soruşurdu ki, necə şer yazmışam. Hamı tərifləyirdi ki, çox gözəl yazmısınız. “Poeziya sənəti” əsərinin müəllifi Bualo var, ondan soruşanda deyirdi ki, hökmdar, siz kefiniz istəyəndə pis şeir də yaza bilirsiniz. Milli Məclisdə müəyyən məsələlərə münasibət bildirəndə nizamnaməyə görə bizim 5 dəqiqəlik cavab hüququmuz var. Biz fikirlərimizi deyirik. Təbii ki, fikirlərimiz doğru və ya səhv, əsaslandırılmış və ya əsaslandırılmamış ola bilər. Amma birtərəfli qaydada yuxarıdan “siz doğru söyləmirsiniz” deyiləndə və sonra bizə cavab haqqı tanınmayanda elə təsəvvür yaranır ki, biz ya qanunun mahiyyətini başa düşmədik, bilmədik, ya da savadımız aşağıdır. Ona görə bu elə şəkildə deyilsin ki, cavab haqqına ehtiyac qalmasın. Yaxud da cavab haqqı tanınsın ki, biz öz fikirlərimizi əsaslandıra bilək.
Bir də, bura Milli Məclisdir və burada hamının eyni tonda danışması, eyni sözü deməsi və yaxud da kiminsə bir az xoş qarşılanmaması doğru hal deyil. Əslində, çalışmalıyıq ki, bütün qanunlara münasibət bildirək. İstər Elmira xanımın, istərsə də digər millət vəkillərinin fikirləri doğru anlaşılmırsa, onlara sərt reaksiya verilməsin. Əsas odur ki, burada səviyyəli və normal qanunlar qəbul olunsun. Ona görə də mən bunu bir irad kimi diqqətinizə çatdırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, amma iradı qəbul eləmirəm, çünki biz burada qanunları bir-bir müzakirə eləyirik. Müzakirə olunub səsə qoyulmuş qanuna yenidən qayıtmaq tendensiyasını yaratsaq, sonra burada bütün qanunlarımız kənarda qalacaq. Ona görə də biz bu məsələdə bir-birimizə hörmət eləməliyik. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, müzakirəyə təqdim olunan bu qanun layihəsi olduqca zəruridir, əsaslandırılıb və ona heç bir iradımız yoxdur. Amma mən bu qanun layihəsi praktikada rast gəlinən problemin həlli ilə bağlı ortalığa çıxdığı üçün bir təkliflə çıxış etmək istəyirəm. Digər bir məsələni də xatırlatmaq istəyirəm, bəlkə bu da nəzərə alınar. Cənab Prezident tərəfindən Bakı kəndlərinin inkişafı ilə bağlı müəyyən qərarlar qəbul edildi və bu kəndlər abadlaşdırıldı. Su, enerji təchizatı, digər məsələlər öz həllini tapdı. Bu inkişaf getdi, həmin kəndlər abadlaşdı, əhaliyə yaşayış imkanları yarandı. Hamı orada quruculuq işləri, tikinti ilə məşğul olmağa başladı. Artıq orada məskunlaşma daha da sıxlaşıbdır və insanlar real olaraq orada yaşayırlar.
Bununla bağlı müəyyən problemlər də ortaya çıxır. Onlardan biri elə məişət tullantıları problemidir. Amma çox təəssüf ki, həmin yerlərdə heç bir qurum bununla bağlı məsuliyyət daşımır. Fiziki şəxslərin də ayrılıqda bu problemi həll etməsi mümkün deyil. Yəni köhnə qayda ilə quyuların qazılması, tullantıların basdırılması və sair artıq vəziyyətdən çıxış yolu deyil, çünki məsələ daha da qloballaşıb, əhalinin sayı artıbdır.
Burada qeyd olunur ki, şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. “Müntəzəm olaraq təmizlənməlidir” bir az qanun dili deyil. Bəlkə biz bir dəyişiklik edək. Burada nə isə nəzərdə tutmaq lazımdır ki, problem həllini tapsın. Novxanıdan Mərdəkana qədər olan ərazilərdə bu problem artıb. Dənizə, istirahət yerlərinə çıxışlar da buradan keçir. Mən istərdim ki, əhalinin bu gün rastlaşdığı bu problemin ya bələdiyyələr, ya da digər qurumlar vasitəsi ilə həllinə nail olaq. Əgər belə olarsa, şübhəsiz, bu qanunda nəzərdə tutulmuş yeni dəyişiklik real işləyəcək və bu bizə imkan verəcək ki, məişət tullantıları ilə bağlı problemləri birdəfəlik yerində həll edək. Diqqətinizə görə təşəkkür edirik.
Sədrlik edən. Sağ olun. Bəxtiyar müəllim, bir çox millət vəkili eyni mövqedən çıxış elədi. Dediniz ki, bu, bir mədəniyyət məsələsidir. Həqiqətən, bu qanunun əsas predmetlərindən biri odur ki, insanları mədəniyyətə dəvət eləsin.
İkinci, qanunun digər bir predmeti də odur ki, bu qəbul ediləndən sonra müəyyən olunmuş icra hakimiyyəti qanuna əməl eləsin və öz işini qursun. Bunun əsas məğzi budur. 6 nəfər yazılıb. Çıxış üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edirik. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Oqtay müəllim, mən təkid eləmirdim, amma söz verdiniz, gərək sözümü deyim. Mən də hər iki qanun layihəsini müsbət qiymətləndirirəm və təbii ki, lehinə səs verəcəyəm. Həqiqətən də, məişət tullantıları ilə bağlı ölkənin paytaxtı Bakı şəhərində bugünkü vəziyyət 10–15 il bundan qabaqkı deyil, bu sahədə çox iş görülüb.
Maddənin adında “tullantıların idarə olunması” ifadəsi var. İdarə olunmamışdan qabaq, adətən, monitorinq keçirilir və yaxud da riyazi, fiziki modellər hazırlanır. Ondan sonra idarəetmə prosesinə başlamaq olar. Yəni dediklərim olmasa, idarəetmə praktiki olaraq xeyli çətinləşir.
Bu gün şəhər standarta cavab verən müasir tipli zibil maşınları ilə təmin olunub. Onlar məişət tullantılarını vaxtlı-vaxtında utilizasiya yerinə aparırlar. Utilizasiya ilə bağlı, məncə, yeni zavod da tikilib. Məsələn, Avropada məhz məişət tullantılarının utilizasiyasından alternativ enerji alınır. Biz hələlik bu səviyyəyə çatmamışıq.
Digər tərəfdən, bu qanunun əsas məqsədi bundan ibarətdir ki, insanlar özləri bu addımı atmasınlar. Görürsən ki, zibili yeşiyin kənarına qoyur, gedir. Bu da gərək bizim bəzi insanların şüuruna çatsın.
Sonra, piyadalar və yol hərəkətinin başqa iştirakçıları barədə danışmaq istəyirəm. Əli müəllim tamamilə doğru buyurdu, bu, ilk növbədə insanların təhlükəsizliyi ilə bağlıdır. Statistikaya fikir versəniz, görərsiniz ki, yol hərəkətinin piyadalar tərəfindən pozulması nəticəsində nə qədər faciələr baş verir. Çox ağır rəqəmdir. İnsanlar şüurla hərəkət eləsələr, qadağan olunmuş yerdən keçməzlər. Bu həm də piyadaların məsuliyyətini artırmalıdır. Bəzən elə hallar olur ki, piyadanın günahı var, amma sürücünü cəzalandırırlar. Bu sahədə də nəzarəti artırmaq lazımdır. Mənim dediklərim bundan ibarətdir. Bir daha təkrar edirəm, qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən yol hərəkəti qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik haqqında fikirlərimi bildirmək istəyirəm. Ümumiyyətlə, yol hərəkəti qaydalarının pozulmasından, bütövlükdə yol hərəkəti mədəniyyətindən danışanda qeyri-iradi insanın gözünün qabağına sürücülər gəlir. Amma bu məsələdə piyadaların da günahı az deyil. Mən çox mühüm bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Təxminən Azərbaycan qədər əhalisi olan Qərb ölkələri ilə müqayisə aparsaq, bizdə yol qəzalarının və ölümlə müşayiət olunan halların sayı təxminən 10–12 dəfə artıqdır. Bu çox acınacaqlı bir rəqəmdir. Piyadaların yol hərəkəti qaydalarını pozması sanki mübarizədən kənarda qalır.
Hörmətli həmkarlarımdan bəziləri qanun layihəsi ilə bağlı elə fikirlər söylədilər ki, sanki İnzibati Xətalar Məcəlləsinə yol hərəkəti qaydaları ilə bağlı çox əsaslı dəyişiklik olunub. Əslində, elə böyük dəyişiklik yoxdur. Texniki dəyişikliklərdir. 153-cü maddənin ikinci hissəsindən bu çıxarılıb, ayrı bir maddə şəklində verilib. Yalnız sanksiya 10 manatdan 20 manata qaldırılıb. Mən də düşünürəm ki, bu gün qüvvədə olan normadır, heç nə dəyişilməyib.
Ən başlıca problem qanunun tətbiqi prosesindədir. Yəni yol hərəkəti qaydalarını pozan piyadalara qarşı mübarizə gücləndirilməlidir. Bunun üçün də bu maddənin özünün işlək vəziyyətə gətirilməsi, habelə sanksiyanın sərtləşdirilməsi daha düzgündür. Hörmətli Əli müəllim, mənim fikrim də ondan ibarətdir ki, qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdıraraq bu dəyişikliyi ayrı maddə şəklində yox, elə bu gün qüvvədə olan formada, yəni 153-cü maddənin ikinci hissəsi kimi saxlamaq, yalnız sanksiyaları 10 manatdan 20 manata qaldırmaq lazımdır. Demək istəyirəm ki, bu, sırf texniki dəyişiklikdir. Bunu öz yerində saxlamaqla sanksiyanı 20 manata qaldırmaq daha düzgün olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev, buyurun.
A.Əliyev. Çox sağ olun, Oqtay müəllim. Vaxtınızı almaq istəmirəm, sadəcə, Əli müəllimə sual vermək istəyirəm. Bu qanun layihəsi hamımızın bəyəndiyi bir sənəd olacaq. Bu gün müzakirə etdiyimiz məsələ Azərbaycan cəmiyyətini narahat edən problemlərdən biridir. Ancaq məni bir sual maraqlandırır. İnsanlarımız bölgələrdən Bakı şəhərinə gəlirlər. Onlar, təbii ki, rayon yerlərində, kəndlərdə öyrəşiblər ki, yolu maneəsiz keçsinlər. Bu insanları maarifləndirmə məsələləri ilə kim məşğul olacaq? Ümumiyyətlə, Azərbaycanda maarifləndirmə mədəniyyətinin olmaması və insanlarımızın maarifləndirilməsi ilə bağlı suallar bizi düşünməyə vadar edir. Hesab edirəm ki, ictimai təşkilatlar, dövlət qurumları bu məsələ ilə məşğul olmalıdırlar. Televiziya kanallarında roliklər çəkilməlidir. Əvvəllər biz bunu müşahidə edirdik, ancaq axır vaxtlar görmürük. Sağ olun.
Sədrlik edən. Sağ olun, Adil müəllim. Amma bir şeyi nəzərinizə çatdırım ki, bunu 20–30 il qabaq desəydiniz, yerinə düşərdi. Maşallah, bizim məqsədimiz budur ki, rayonla şəhər arasında fərqi azaldaq. Bizim rayonlarımızda olan yollar bəlkə şəhərdə də yoxdur.
Hamı maariflənir, öyrənir, bilir. Düzdür, reklam işləri olmalıdır, ancaq bunu belə bölmək, məncə, düzgün deyil. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən təklif olunan dəyişikliklərə səs verəcəyəm. Nəyə görə? Bu dəyişikliklərin fəlsəfəsi, mahiyyəti nədən ötrüdür? Bu dəyişikliklər yalnız cərimə, sanksiyalar üçündürmü, yoxsa Azərbaycan vətəndaşının sağlamlığına, həyatına yönəlib? Mən hesab edirəm ki, biz bunu yalnız cərimələrlə, sanksiyalarla əlaqələndirsək, yanlış olardı. Bu dəyişiklik Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına yönəlib. Bu dəyişikliklər zərurətdən irəli gəlir və biz bunu mütləq qeyd eləməliyik. Çünki piyada keçidləri olmayan yerlərdən keçən piyadalar qəzalar törənməsinə gətirib çıxarırlar. Özləri həlak olurlar, ailələr başsız, valideynlər övladsız qalırlar ki, bu da böyük sosial problemlərə gətirib çıxarır. Bu baxımdan dəyişikliyin edilməsi zəruri idi. Bir daha təkrar edirəm ki, bu, Azərbaycan vətəndaşının sağlam yaşayışına yönəlmiş dəyişikliklərdir. Piyadaların törətdiyi qəzalar nəticəsində əlillərimizin sayı artır, çoxlu problemlər yaranır. Bu cəhətdən qanuna edilən dəyişiklikləri müsbət hesab edirəm.
Cənab Sədr, digər bir məsələ bu dəyişikliklərdəki dil və üslub xətaları ilə bağlıdır. Sizdən xahiş edərdim, 153.1-1-ci maddəyə diqqət edəsiniz: “Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə”. Bu, ana dilimizin qanunlarına qətiyyən uyğun deyil, redaktə olunmalıdır. Piyadaların yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçməsinə görə. Yəni piyadanın keçməsinə görə, piyada tərəfdən deyil. Bu, yanlışdır. Qanunlarımızın dili sadə, anlaşıqlı və birmənalı olmalıdır.
Yol mədəniyyətdir. Bizim arzu elədiyimiz çox gözəl yollar bu gün Azərbaycanda var. Amma o yolları yalnız bir qurum qorumamalıdır. Hesab edirəm, bu, vətəndaşın da işidir. Yolla bağlı məsələdə onun həyata keçirilmə mexanizmləri necə olmalıdır? Mənə elə gəlir ki, artıq həyata keçirmə mexanizmində ciddi və sərt tələblər olmalıdır.
İkinci dəyişiklik tullantılarla bağlıdır. Bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz, “urna” da, “tutum” da bizim sözlər deyil. Dədə-babadan “zibillik” adlanardı. “Zibil qutuları”, “zibil yerləri”, “zibil qabları” deyilir. Bu ifadələr ana dilimizdə necə işlənirsə, qanunvericilikdə də o şəkildə verilməlidir, yad ifadələr olmamalıdır. Bu dəyişiklik də yenə Azərbaycan vətəndaşına, Bakının, bütün şəhərlərimizin, ölkəmizin ekologiyasının qorunmasına yönəlib və mən bunları müsbət hesab edirəm. Doğrudan da, bir də görürsən ki, şəhərimizin az qala bir məhəlləsində bir dənə zibil atmaq üçün yer yoxdur. Hesab edirəm ki, bunlar vətəndaşımıza yönəli dəyişikliklər olduğu üçün bu sənədə səs verməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Dilçilikdən çox danışırıq. Deyirsiniz ki, “tutum” Azərbaycan sözü deyil. Vaxtilə Azərbaycan dilinə ərəb və fars dillərindən keçən xeyli söz var. Biz təzədən dili dəyişdirməli deyilik ki? “Tutum” Azərbaycan sözüdür. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, bu qanun layihələrini dəstəkləyirəm və səs verəcəyəm. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm. Bu gün məişət tullantılarının daşınmasından, yol-keçid qaydalarına əməl olunmasından danışırıq. Biz seçicilərin şikayətlərini dinləyərkən bir neçə məsələ ilə rastlaşırıq. Gəlin, görək regionda zibillər necə daşınır və kimlər tərəfindən aparılır. Hələlik tam bölgü aparılmayıb. Nə mənzil-istismar, nə də başqa qurumlar tam şəkildə bu işə baxır. Mənzil-istismar sahələri elə vəziyyətə düşüb ki, onların ancaq təmizlik işlərinə baxmaq imkanı var.
Sosial siyasət komitəsinin üzvü olaraq bu məsələni qeyd etməyə məcbur oldum. Bəlkə də bir az kənara çıxacağam. Mənzil-istismar sahələri bu gün ancaq təmizliyə baxa bilirlər. Burada da iki qurum fəaliyyət göstərir. Bundan əlavə mənzil-istismar sahələrinin üzərinə qoyulub ki, binaların zirzəmilərində olan sahələrə xidmət göstərsinlər. Su-kanal təchizatı yaradılıb və rayon departamentləri fəaliyyət göstərir. Əhalidən çox böyük şikayətlər gəlir ki, su-kanal təchizatı idarəsi binanın girəcəyinə su gətirir, amma binanın zirzəmi hissəsinə kim xidmət edəcək məlum deyil. Bu orta vəziyyətdə qalır. Heç kim bilmir ki, kimə müraciət eləsin və kimdən xahiş eləsin. Binanın altında su, kanalizasiya boruları partlayıb, zibillər daşınmır və sair və ilaxır. Əgər mümkün olsaydı, bu qurumların vəzifə səlahiyyətlərinin bölünməsinə bir aydınlıq gətiriləydi. Mən üzr istəyirəm, Oqtay müəllim, bəlkə bir az yersiz idi, amma çox xahiş edərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Əgər icazə versəniz, mən aydınlıq gətirərəm. Su-kanal idarəsi, həqiqətən, suyu mənzillərə qədər gətirir. Mənzildaxili zirzəmilərin hamısı kommunal təsərrüfatlarına aiddir. Ev pulları alırlar, nəyə görə? Bunlar hamısı ona aiddir. Bir çox mənzillər özəlləşdirilib, özləri kooperativ yaradıblar, binalarını özləri təmir eləməlidirlər. Mənzil-kommunal istismar idarəsi həmin zirzəmilərdəki işləri görməlidir. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, hörmətli Sədr. Əlbəttə ki, mən də bu dəyişikliklərə səs verəcəyəm, amma istərdim, bir neçə məqama toxunam. “İstehsalat və məişət tullantıları haqqında” Qanunda biz zibil yerlərindən kənara tullantıların atılmamasını və onun yerə basdırılmasını nəzərə almışıq. Amma burada ən mühüm məqamlardan biri zibilin yandırılmasıdır. Bu gün hamımız bilirik ki, Bakı ətrafında və respublikanın rayonlarında külli miqdarda zibil yandırılır. Mən deyim ki, bu yandırılan zibilin özü də ekologiyaya çox böyük ziyan vurur. Mən təklif edərdim ki, bunu qanunda nəzərə alsınlar.
İkincisi, biz, adətən, Avropa mədəniyyətinə, orada olan səliqəyə, qanunlara riayət edilməsinə istinad edirik. Biz elə bilirik ki, avropalılar bizdən çox mədənidirlər? Avropalılar mədəni deyillər, onlar qanundan, cərimələrdən qorxurlar. Biz bu gün danışırıq ki, xalqımızı, millətimizi maarifləndirməliyik. Maarifləndirmənin ilk və ən vacib yolu cərimələri yüksəltməkdir. Bundan sonra o işi ikinci dəfə təkrar eləməzlər.
Hamımız bilirik ki, Balaxanıda dünya standartına uyğun böyük zibil emaletmə zavodu tikilir. O zavod işə başlayandan sonra respublikamızda bu problem, hesab edirəm, bütövlüklə aradan qalxacaq. Özümüzün belə bir zavodumuz olandan sonra bu zibilin yandırılması, basdırılması aradan qalxacaq, çünki emal yolu ilə ondan enerji və başqa kimyəvi maddələr əldə edəcəklər. Bunu nəzərə alaraq demək istəyirəm ki, bir müddət dözmək və sadəcə, mənzil-istismar idarələrində, icra hakimiyyətlərində bu zibil yerlərindən tullantıların vaxtında daşınması işini gücləndirmək lazımdır.
O ki qaldı keçidlərə, deyim ki, bu gün yol qəzalarında təkcə sürücüləri günahlandırmaq olmaz. Çünki bu hadisələr iki tərəfin günahı üzündən baş verir. Hesab edirəm ki, piyadalar üçün də biz cərimənin miqdarını qaldırmalıyıq ki, onlar da keçid olmayan yerdən keçməsinlər. Əlbəttə, bu gün Bakı şəhərini və yaxud respublikanın magistral yollarının hamısını yolüstü və yeraltı keçidlərlə tam təmin eləmək mümkün deyil. Çünki gərək hər 100–150 metrdən belə keçidlər tikilsin. Bunun üçün keçid yerləri, üzr istəyirəm, “zebralar” var. Şükür Allaha ki, bu gün şəhərimizdə sürücülər o mədəniyyəti qəbul elədilər və keçid yerində, həmin o “zebralar”da piyadalara yol verirlər. Amma dəfələrlə aeroport yolunda özüm şahid olmuşam ki, üstündə keçid olan yerdə yoldan keçirlər. Ona görə bu cərimələr qaldırılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də hesab edirəm ki, bu çox vacib qanundur və buna səs verəcəyəm. Mənim burada deyəcəyim təklifləri hörmətli həmkarlarım səsləndirdilər. Ona görə hesab edirəm ki, çıxışa ehtiyac yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Cavid müəllim yol hərəkət qaydalarından danışacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
C.Qurbanov. Oqtay müəllim, istəyirəm, məlumat verim. Cənab Prezidentin sərəncamı ilə 54 yeni yol keçidi tikiləcək. Onlar yeraltı və yerüstüdür. Bəzi yoldaşlar dedilər ki, tikilmir, olmur. Normativlər var. Hər 100 metrdən bir keçid olası deyil ki. Təkcə elə Neftçilər prospektində 2 ilin ərzində 5 dənə yol keçidi tikilib. Allaha şükür, hamısı da muzey kimi. Aeroport yolunda da 7 dənə tikilib, ikisi də nəzərdə tutulub. Ümumiyyətlə, şəhərdə bunların hamısı tikiləcək. Yollarda tıxacların əmələ gəlməsi, maşınların düzgün saxlanılmaması, keçidlərdə qəzaların olması var. Özümüzdən asılıdır, sadəcə, elə bil, 500 metr getmək çətindir. Bizimkilər belədir. Məlumat vermək istəyirdim ki, proqramda var, olacaq.
Sədrlik edən. Mən bir şeylə razıyam ki, şəhərdə hərəkət etmək, ümumiyyətlə, hər şey təkcə keçidlərlə bağlı deyil. İstər aşağı keçid olsun, istər yuxarı, yol hərəkəti qaydaları, zebralar var. Bu məsələlər yalnız keçidlərlə həll olunmur. Ona görə bu qanunu qəbul etmişik də. Mən də onun tərəfdarıyam ki, bəzi hallarda cərimələr daha yüksək olmalıdır. Cərimələr yüksək olduqca insanlarda cavabdehlik hissi artır. İndi Əli müəllim, sonra da Valeh müəllim suallara cavab versinlər, səsverməyə keçək. Xahiş edirəm, qısa şəkildə cavablandırın.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Düzü, gözləmirdik ki, bu kiçik layihə bu qədər geniş müzakirəyə səbəb ola bilər. Nəticə etibarilə görürsünüz ki, əslində, layihənin müddəası da, mahiyyəti də həyatımızda mövcud olan problemin tənzimlənməsinə yönəlib və çox da əhəmiyyətli bir məsələdir.
Biz təqdimatda xüsusi olaraq vurğuladıq ki, insanlarımızın mədəniyyəti, davranışı kifayət qədərdir ki, bu məsələlərə riayət etsinlər. Amma hüquqi dövlətdə hər şey qanunla tənzimlənməlidir. Qanunların da əsas məqsədi profilaktikdir. Əminəm ki, bundan irəli gələn məsələləri də müvafiq icra hakimiyyəti orqanları həyata keçirəcəklər.
Eyni zamanda, cənab Sədr, əlbəttə, bu bir qədər yeni yanaşmadır. İndiyə qədər piyadalar tərəfindən yolun hərəkət hissəsinin keçilməməsi bir qədər adi hal almışdı. Elə bilirəm ki, həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm media, həm də bu qanunu icra edən şəxslər bu məsələ ilə bağlı təbliğatı bir qədər gücləndirməlidirlər. Mən o fikirlə razıyam və bunlar da həyata keçiriləcək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mən də şəxsən gözləmirdim ki, dəqiqləşdirmək məqsədi daşıyan bu dəyişiklik bu qədər geniş müzakirəyə səbəb olacaqdır. “Tutumlar”, “urnalar”la əlaqədar böyük axtarışlar aparmışıq, ancaq bunları əvəz edə bilən söz tapa bilməmişik. Özü də mütəxəssisləri cəlb etmişik.
“Zibil qutusu” anlayışına gələndə, birincisi, tullantı təkcə zibil deyil, daha geniş anlayışdır. Bir də, “qutu”, “tutum” nə deməkdir? Ona görə də mən burada önəmli bir məsələ görmürəm ki, bu qabların adı tutum qoyulacaq, yoxsa başqa cür.
İkincisi, deyirlər ki, niyə 100 metr? Əgər bu, dəqiq göstərilməsə, onda kəndin bu başında bir dənə, o biri başında bir dənə, ya da Bakı şəhərinin girəcəyində bir dənə, çıxacağında bir dənə tutum qoyulacaq. Bununla da qurtardı. Bunu qəsdən belə yazmışıq? Bizim deputatların təklifi olubdur ki, buna dəqiq icra olunsun və məcburiyyət qarşısında bu məsələlər öz həllini tapsın.
Təbliğata, təşviqata gələndə deyim ki, birinci növbədə bu, ailədən, məktəbdən başlamalıdır. Orada təbliğ olunmalı, orada yol göstərilməlidir. Bu hər bir Azərbaycan vətəndaşının, bu milləti, torpağı sevən hər bir azərbaycanlının borcudur. Əminəm ki, qanun layihəsini dəstəkləyəcəksiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 4-cü məsələsinə – “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.11 dəq.)
Lehinə  102
Əleyhinə  2
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
Lehinə  100
Əleyhinə  2
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan olunur.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclasımızı davam etdiririk. Hörmətli millət vəkilləri, mən təklif edirəm ki, əvvəlcə “Kommersiya sirri haqqında” Qanuna, sonra Vergi Məcəlləsinə edilən dəyişiklikləri müzakirə edək. Ziyad müəllim, birinci, “Kommersiya sirri haqqında” Qanuna edilən dəyişikliyi məruzə edin, sonra o birini. Buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2001-ci ildə qəbul edilmiş “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə kommersiya sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Keçən dövr ərzində Azərbaycanda sahibkarlıq mühitinin formalaşması, eləcə də şəffaflığın təmin edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilmiş və bütövlükdə ölkənin iqtisadi inkişafında sahibkarlığın rolu artmışdır.
“Kommersiya sirri haqqında” Qanunda kifayət qədər kommersiya sirri hesab edilməyən məlumatlar göstərilmişdir. Mən istərdim ki, “Kommersiya sirri haqqında” Qanunun 4-cü maddəsində bu istiqamətdə verilmiş bəzi müddəaları sizin nəzərinizə çatdırım:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə kommersiya sirri hesab olunmayan məlumatlar; əməyin ödənilməsi formaları və məbləği barədə əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibi və sair informasiyalar; patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya qiymətli kağızların mülkiyyətçiləri tərəfindən açılmalı olan məlumatlar; qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar; ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; kommersiya sirri rejiminin qorunması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar.
Bütün bu məlumatlar imkan vermişdir ki, Azərbaycanda demokratik cəmiyyətin qurulması, sahibkarlıq mühitinin formalaşması, sahibkarların, eyni zamanda, istehlakçıların hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilsin. Eyni zamanda, dünya təcrübəsini və Azərbaycanda müstəqillikdən cəmi 20 il keçməsini, ölkədə hələ də tam olmayan bazar münasibətlərinin qurulmasını nəzərə alaraq təklif edilir ki, “Kommersiya sirri hesab edilən məlumatlar” adlı 4-cü maddənin 4.1.2-ci bəndində aşağıdakı dəyişiklik edilsin: “Təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla”) kommersiya sirri hesab olunmur. Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələri qanuna bu dəyişikliklərin edilməsini xahiş edir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bu məsələ sizin komitədə də müzakirə olunub. Lazım gələrsə, çıxışlar zamanı sözünüzü deyərsiniz. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Bizə paylanmış layihədə qanunun 4-cü maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. 4-cü maddədə qeyd olunur ki, təsis sənədlərində əksini tapan məlumatlar. Yəni indi qüvvədə olan qanunvericiliyə görə bu, kommersiya sirri sayılır. Amma indiki dəyişikliklərlə bağlı qeyd olunur ki, təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). Deməli, təsis sənədlərində əksini tapan digər məlumatlar kommersiya sirri hesab olunur.
Amma indi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna edəcəyimiz növbəti dəyişikliklərdə isə nəzərdə tutulub ki, məhz kommersiya sirri hesab olunmayan kommersiya hüquqi şəxslərin təsisçiləri, iştirakçıları və onların nizamnamə kapitalındakı payları yalnız hüquq mühafizə orqanlarına, çirkli pulların yuyulması ilə bağlı olaraq monitorinq komissiyasına və digər qurumlara verilə bilər. Yəni artıq istənilən şəxsin bu məlumatlara çıxışı olmayacaq. Amma dediyim kimi, “Kommersiya sirri haqqında” Qanunda da həmin sirlər kommersiya sirri hesab olunmur. Ona görə, hesab edirəm, burada ziddiyyət var və bu məsələyə aydınlıq gətirilməlidir.
Mən, ümumiyyətlə, hesab edirəm ki, təsis sənədlərində əksini tapan məlumatların, kommersiya müəssisəsinin sahibi kimdir, ayda nə qədər faiz alır kimi məsələlərin kommersiya sirri hesab edilməsi doğru deyil. Burada gizli, yaxud da qorxulu nə ola bilər? Mən hesab edirəm ki, aşkarlıq dövründə yaşayırıq, istənilən şəxs əgər qanun bunu qadağan etmirsə, özü kommersiya təşkilatı yarada bilər və orada da onun pay bölgüsü şəffaf olmalı və jurnalistlərin də buna çıxışı olmalıdır.
Yeri gəlmişkən, gündəlikdəki qanun layihələri bir-biri ilə əlaqəli olduğu üçün fikrimi bəri başdan bildirmək istəyirəm. “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Qanunun 2.4.1-ci maddəsində çoxlu sayda yayğın ifadələr var. Mən çox ciddi düşündüm, bu əlavə və dəyişikliklər ediləndən sonra jurnalistlər nədən yaza bilərlər? Burada da bəlli olmadı ki, bu qadağalardan sonra yerdə hər hansı məlumat qalırmı ki, jurnalistlər sorğu verib həmin informasiyanı əldə edə bilsinlər? Yəni informasiya sahibi sonra necə müəyyənləşdirəcək ki, 2.4.1-ci maddədə sadalanan məlumatlardan başqa yerdə nə qalır?
Ona görə mən təklif edirəm ki, biz müəyyənləşdirək və bir-bir sadalayaq ki, məsələn, jurnalistlərin hansı informasiyanı almaq hüququ var. Mənim araşdırmalarımdan sonra yerdə qalan aşağıdakı məlumatları onlar yaza bilərlər: rəsmi dövlət tədbirlərindən reportajlar hazırlamaq, müsahibə almaq, yaxud hər hansı bir yolda avtonəqliyyat hadisəsi baş verirsə, bundan yazmaq, bir də, öz mülahizələrinə, konkret faktlara söykənmədən (fakta söykənmək üçün rəsmi informasiyalar lazımdır) ağlına və ağzına gələni yazmaq. Bunlardan başqa jurnalistin ciddi bir araşdırma aparıb hər hansı bir yazı yazmaq imkanları tamamilə məhdudlaşdırılır.
Mən hesab edirəm ki, “Kommersiya sirri haqqında” Qanunda edilən dəyişikliklər, əslində, informasiya azadlığının genişləndirilməsinə, şəffaflığın, aşkarlığın artırılmasına xidmət etməlidir. Bu baxımdan da mən şəxsən bunun əleyhinəyəm. Onsuz da bizim bədxahlarımız çoxdur və Azərbaycanı istəməyən qüvvələr bəhanə axtarırlar ki, Azərbaycanı qaralasınlar, üstünə gəlsinlər. Biz də bu tipli dəyişikliklərlə bəhanə vermiş oluruq ki, həmin qüvvələr Azərbaycana qarşı daha qaralayıcı kampaniya yürütsünlər. Həm də cəmiyyətimizin, demokratiyamızın inkişafı naminə bu tipli qanunların milli maraqlarımıza cavab vermədiyi qənaətindəyəm. Deputat həmkarlarımı da bu qanuna səs verməməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Siz iki qanun haqqında danışdınız, elədir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başa düşdüm, amma kim deyib ki, bu qanun layihəsi jurnalistlərə qarşıdır? Harada yazılıb? Məgər bu jurnalistlərə aiddir? Özün deyirsən ki, bədxahlar istifadə edirlər. Bədxahlar elə jurnalistlərin adından istifadə edib danışırlar. Sən də eyni məzmunlu çıxış edirsən. Kim dedi ki, bu, jurnalistlərə qarşıdır? Niyə belə fikir yaradırsınız? Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Zənnimcə, son illər Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla birgə çirkli pulların yuyulması və korrupsiya ilə bağlı mübarizəsində cəmiyyətin imkanları belə bir dəyişikliklə məhdudlaşa bilər. Mən məntiqi anlaya bilmirəm. Nəyə görə kimlərinsə müəssisədə olan payı və iştirakı ictimaiyyətdən gizli qalmalıdır? Məgər bu iştirak qeyri-qanunidir? Əgər iştirak qeyri-qanunidirsə, deməli, əksinə, cəmiyyətin imkanları daha geniş olmalıdır. Məsələn, hər hansı bir dövlətdə proseslər gedir, alğı-satqı, tenderlər olur. Konfliktlərin toqquşma imkanlarına nəzarət etmək məhz məlumatların şəffaflığı ilə bağlıdır. Onun üçün düşünürəm ki, bizim tərəfimizdən belə bir şəffaflığı pozmaq düzgün olmazdı.
Mənim hörmətli Əli Hüseynliyə sualım var. Onu peşəkar bir hüquqşünas kimi tanıyıram. Bu dəyişikliklər Avropanın müvafiq qanunları ilə necə uyğunlaşır, dünyanın inkişaf etmiş ölkələrində bu məsələlər necə tənzimlənir? Yəni biz belə bir məhdudiyyəti formalaşdırmaqla ondan ayrılırıqmı, ölkənin avro inteqrasiya proseslərinə xələl gətiririkmi? Mən istərdim ki, bu məsələlərə aydınlıq gətirilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sizin bütün suallarınızı cavablandıracaqlar. Mən xahiş etmişdim ki, çıxışlarınızda konkret misallar deyin. Müqayisə aparmaq üçün bunları da demək lazımdır. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Kommersiya sirri qədim Romadan başlayaraq indiyə qədər davam edir. Həmişə olub, bundan sonra da olacaq, çünki kommersiya sirrinin arxasında iqtisadi və texnoloji casusluğun qarşısını almağa qədər müxtəlif dəlillər dayanır. Məndən öncə burada deputat həmkarlarım bir neçə fikir səsləndirdilər. Əlbəttə, mən səslənən hər bir fikrə onun hüququ kimi baxıram. Ancaq cənab Asim Mollazadənin “Avropada buna necə baxırlar” sualına cavab vermək istəyirəm. Avropa bizim milli maraqlarımıza zidd olan hərəkətlərə necə baxır? Biz niyə Avropadan soruşmalıyıq ki, nəyi, necə qəbul edək? Biz müstəqil dövlətik, bizim üçün milli maraq hər bir məsələdən üstündür. Milli maraq olan yerdə kimdənsə nəyi isə xəbər almağa ehtiyac yoxdur.
İkincisi, istənilən Avropa ölkəsinə diqqət yetirin, onların kommersiya sirri və kommersiya ilə bağlı qanunvericiliklərində bizim qanunvericilikdəkindən də kəskin müddəalar var. Çirkli pulların yuyulması, digər bu kimi məsələlər beynəlxalq miqyasda qarşılıqlı surətdə həyata keçirilir. Yəni kommersiya sirri ilə bağlı onlarca misal gətirmək olar.
Mən bu yaxınlarda Kanadada idim. Asəf Hacıyevlə birlikdə tədbirdə iştirak edirdik. Hətta Kanada parlamentində debatlara da qulaq asdıq, bu və ya digər müzakirələri də izləyə bildik. Kanada hökuməti Amerika Birləşmiş Ştatlarının şirkətlərindən hərbi qüvvələri üçün qırıcı təyyarələr almışdı. Kanada müxalifətinin bütün təpkilərinə baxmayaraq hökumət həmin qırıcı təyyarələrin konkret qiymətləri ilə bağlı faktları açıqlamırdı. Ümumi rəqəm açıqlansa da, hansı təyyarə neçəyə alınıb, bunu bildirmirdilər. Kanadada hökumətin nümayəndəsi çıxış edəndə dedi ki, bu, kommersiya sirridir, çünki qırıcı təyyarələri satan tərəf onların markalarına uyğun olaraq qiymətlərin açıqlanmasını istəmir və bizim razılaşmamız da belədir.
Dünyanın hər yerində kommersiya sirri var və burada da məqsəd iqtisadi maraqları qorumaqdır. Ya da sahibkar hər hansı bir formada mediada şantajdan qorunmaq məqsədi güdür. Bir çoxları kommersiya sirri ilə bağlı strukturlara hücumlar təşkil edir, bu və ya digər kommersiya strukturundakı prosesi başqa formada təqdim etmək istəyir. Təbii ki, bu zaman həmin sahibkarın, şirkətin imicinə xələl gətirən bu və digər materialları mediaya çıxarır. Ona görə mən də hesab edirəm ki, bu düzəlişlər məntiqə və beynəlxalq normalara uyğundur.
Yenə də o fikirdəyəm ki, biz bu və ya digər qanunlarımızı qəbul edərkən Avroatlantik məkana inteqrasiya adı altında gedib Avropada kimdənsə məsləhət almalı deyilik. Bu bizi Avropadakı strukturlardan asılı vəziyyətə salır. Biz dəfələrlə görmüşük ki, Avropanın bu və ya digər strukturları qəbul etdiyimiz qanunlara iradlar tutmaqdadırlar. Hesab edirəm ki, biz qanunu bu formada qəbul etməliyik, çünki bunlar bütövlükdə Azərbaycanın, xüsusilə sahibkarların, iş adamlarının, ayrı-ayrı şirkətlərin maraqlarına uyğun gəlir. Mən bu qanuna səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İndi Ziyafət müəllimlə bu barədə söhbət etdik. Yazılıb ki, təsis sənədlərində əksini tapan məlumatlar. Yəni bunların hamısı kommersiya sirri deyil. Kommersiya hüquqi şəxslərin təsisçiləri, iştirakçıları və onların kapital payları barədə məlumat istisna olmaqla. İki məsələ istisna olmaqla, hər şey açıq şəkildə verilib, burada nə var ki? İqbal Ağazadə buyursun.
İ.Ağazadə. Çox sağ olun. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən həm qanunu təqdim edən, həm də qanunu müdafiə edən tərəflərin çıxışlarına qulaq asdım. Təəssüf hissi ilə qeyd edim ki, əslində, özləri özlərini təkzib edirlər. Təkzib olunan nədir? Deyir ki, kommersiya sirri hesab olunan məsələlər. Bir şirkətinin təsisçisi və onun payı barədə miqdar kommersiya sirri hesab oluna bilməz, çünki müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş və qeydiyyata durarkən sənədlərini təqdim etmiş tərəf, ümumiyyətlə, sirr hesab oluna bilməz. Sirr onun yeni texnologiyaların, kəşflərin, ixtiralar, nou-hausunu özündə saxlamasına deyilə bilər. Yoxsa, adamın adını, payının miqdarını gizlət və sonra de ki, bu, kommersiya sirridir. Bu, kommersiya sirri deyil. Bu, oğurlanan pulları dövlətin qanunlarından istifadə edərək gizlətmək faktorudur. Bu, başqa bir faktor deyil, onu da adı ilə demək lazımdır.
Misallar gətirilir ki, dünyanın hər yerində bu şəkildə qeyd olunur. Dünyanın heç bir yerində şirkətin payçısının adı, familiyası kommersiya sirri kimi cəmiyyətdən gizlədilmir. Misallar gətirilir ki, filan əməliyyatlarda nələrsə cəmiyyət üçün deyilmədi. Doğrudur, şirkət yeni ixtirasının tətbiqi ilə bağlı cəmiyyətə məlumat verməyə bilər, çünki onun müəlliflik hüququ var və sair. Amma vergi ödəyicisidirsə, identifikasiya kodu varsa, necə ola bilər ki, dövlətin bir qurumuna vergi ödəyən şəxs payının miqdarını cəmiyyətdən, ictimai nəzarət funksiyasını həyata keçirən başqa bir tərəfdən gizlədir. Burada məntiq nədədir? Burada məntiq yoxdur və bu, kommersiya sirri deyil.
Yaxud Azərbaycanda fəaliyyət göstərən bir şirkətlə bağlı cəmiyyət məlumat almaq istəyir. Məlumat almaq istəyən tərəfə deyirlər ki, təsisçilər və onların nizamnamə kapitalı barədə sənə məlumat verə bilmərik. Niyə? Bu, Azərbaycan qanunları ilə fəaliyyət göstərir. Azərbaycanda şəffaf cəmiyyət, hüquqi dövlət qurmaq arzusunu bildiririk və bu istiqamətdə qanunlar qəbul edirik. Nədən adamların adı, familiyası və payının miqdarı göstərilməməlidir? Biz ondan soruşmuruq ki, bu gün hansı qiymətlərlə nələri aldın? Bu, kommersiya sirridir, tərəflər razılaşa bilərlər. Baxmayaraq ki, bu da vergi orqanlarına bu və ya digər şəkildə təqdim olunur.
Bu gün dünyanın hər bir yerində adamlar artıq mənfəət kimi götürdükləri illik vəsaitin hamısını jurnallarda çap etdirirlər. Dünya artıq bu bölgüyə görə müəyyən edir ki, bu gün bu şirkət, bu hüquqi və fiziki şəxs nə qədər pul qazanıb və onun filan yerdə payının miqdarı nə qədərdir. Hətta birjalar vasitəsi ilə payını satan zaman təkcə öz ölkəsində deyil, dünyanın hər bir yerində açıq şəkildə göstərilir. Biz də qanuna əlavə edirik ki, adamları gizləyək, onların payı və təsisçinin kim olduğu bilinməsin. Mən hesab edirəm, bu, kommersiya sirri hesab olunmayan məlumatların gizlədilməsinə xidmət edən əlavə və dəyişiklikdir. Milli Məclis heç bir halda buna “hə” deyə bilməz. Xahiş edirəm, komitə sədrləri, hörmətli həmkarlarımız bunu yanlış şəkildə təqdim etməsinlər. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. İcazənizlə, mən bir balaca dəqiqlik gətirim. Bir də, Asim müəllim soruşdu ki, Avropada, başqa yerlərdə belə bir şərt varmı? Azərbaycanda da, Avropada da, bütün dünyada da bu şərtlər var. Şirkətin statusu, fəaliyyəti, onun iştirakçıları, kapitalda payı, texnoloji məsələlər və sair məlumatlar məxfi sayılır. Amma bəzi istisnalar var. Bu istisnalar hansılardır? Məxfi sayılan informasiya heç vaxt fiziki və ya hüquqi şəxsə açıqlana bilməz. Amma bayaq dediyim kimi, bəzi istisnalar var. Məlumat, informasiya verən tərəfin törəmə, ya da ortaq şirkətinə bu məlumatlar açıla bilər. Bu şərtlə ki, hətta törəmə şirkət məxfilik şərtlərinə uyğun hərəkət etməyə və buna müvafiq olaraq məsuliyyət daşımağa dair öhdəlik götürməlidir. Bu şərtlər yerinə yetirilmirsə, hətta törəmə şirkətə də bu məlumatlar ötürülə bilməz.
“Tətbiq edilə bilən qanunlara, normativ hüquqi aktlara uyğun olaraq müvafiq hökumət orqanına”. Fikir verin, hər hökumət orqanına yox, müvafiq hökumət orqanına. Tətbiq edilə bilən qanunlara, normativ hüquqi aktlara müvafiq surətdə müvafiq məhkəmənin məcburi olan qərarı əsasında qərarda göstərilən məlumatlar kimlərə, harada və necə açıqlanmalıdır. Bunlar varsa, bu məlumatlar məxfi sayıla bilməz.
Şirkət tərəfindən cəlb edilmiş podratçılar, subpodratçılar, müşavirlər, ekspertlər ilə əlaqədar olan məlumatlar açıqlana bilər. O da bir şərtlə ki, məlumat açıqlanan şirkət, şəxs, ekspert, müvafiq şəkildə öhdəlik götürür, məsuliyyət daşıdığını yazılı şəkildə hüquqi sənəddə bildirir. Ya da kredit alınması ilə bağlı maliyyə kredit qurumları ilə danışıqlar aparılır. Danışıqlar zamanı təsisçilər, iştirak payları haqqında məlumatlar tələb olunursa, yenə də danışıq aparan tərəf öhdəlik götürür ki, bu məlumatlar heç vaxt açıqlanmasın.
Bayaq dedilər ki, xaricdə şirkətlər bu məlumatları verirlər. Bəli, bu da ancaq bir halda baş verir. Əgər bu şirkət hər hansı bir fond birjasında səhmlərini dövriyyədə saxlayırsa, onda birjanın tələblərinə, şərtlərinə uyğun olaraq açıqlayır. Əgər bu fond birjasında şirkətin səhmləri dövriyyədə deyilsə, şirkətin məxfi hesab etdiyi məlumat açıqlanmır. Tutaq ki, bir ailənin şirkətidir, 200 ildir fəaliyyət göstərir. Kimin nə qədər iştirak payına malik olması barədə məlumat açıqlanmır, məxfi sayılır. Şirkətin fəaliyyətinə aid olan və dövriyyədə olmayan hər hansı bir məlumat şirkətin işçisi, ya da başqa bir şəxs tərəfindən qeyri-qanuni surətdə əldə edilib açıqlanırsa, bunlar məsuliyyətə cəlb olunurlar. Bütün dünyada bu cür işləyirlər. Əgər bir şirkətin səhmləri fond birjasında açıq şəkildə dövriyyədə yoxdursa, heç kimin bu məlumatları açmağa ixtiyarı yoxdur. İstər vergi, istər bank, istərsə də digər orqanların buna ixtiyarı yoxdur. Hətta o, yazılı şəkildə bildirməlidir ki, bu məlumatı mən filan funksiyanı yerinə yetirmək üçün almaq istəyirəm və bunu açıqlamayacağam. Ona görə də burada qeyri-adi bir şey görmək, fikrimcə, düzgün deyil. Əksinə, bu dəyişiklik indiyə kimi mövcud olan qeyri-müəyyənliyi aradan götürür. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən öncə danışan bir çox həmkarımın mövqeyini paylaşıram və hesab edirəm ki, bu istiqamətdə daha çox demokratiyanın və şəffaflığın prinsiplərinə əməl etmək vacibdir. Çünki bəzən bizdə elə təsəvvür var ki, müəyyən problemləri hüquqi vasitələrlə bu formada təsbit etməklə irəli gedəcəyik. Əslində, bu bizi xeyli geri salacaqdır. O baxımdan geri salacaq ki, onsuz da bizdə bu problemlər qeyri-rəsmi formada öz həllini tapır. Nə ehtiyac var ki, qanunda bu cür dəyişikliklər edək?
Siz təsəvvür edin ki, bu gün Çin kimi bir ölkədə 70 milyon milyoner var. Bu, rəsmi rəqəmlərlə verilir. Nə olar, lap rəsmi bilinsin ki, Azərbaycanda 100 min milyoner var. Vergi ödəsin. Artıq yavaş-yavaş bunu hüquqi müstəviyə gətirmək lazımdır. Burada təəccüblənə bilərlər ki, 500 milyon əhali də minimum əmək haqqı səviyyəsində yaşayır. Çində də bu problem var. Ona görə də 70 milyon deyəndə, hər halda 2 milyard əhali nəzərdə tutulur.
Ona görə də bizdə bu məsələnin daha çox şəffaflığa yönəlik həlli vacibdir. Əgər bunu etmiriksə, onda mən təklif edərdim ki, “İnformasiya əldə etmək haqqında” Qanundan 2.1-ci maddəni çıxaraq: “Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır”. Bunu çıxarsaq, bütün problemlər həll olunur. Çünki 2.4-1-ci maddədə yazılır ki, informasiya əldə olunmasına o şərtlə icazə verilir ki… Baxın, informasiya əldə etmək azaddır, amma ona şərtlərlə icazə verilir. Bura bir mənəviyyat məsələsi də salınıbdır. Yəni məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsindən tutmuş bütün məsələlərə aid olan məhdudiyyətlər vardır. Bu bizim ölkəmizə qarşı əlavə problemlərin yaranmasına səbəb olmayacaqmı?
Təbii ki, burada indi əks arqument gətiriləcək ki, biz nə edirik? Cəhənnəmə ki, Avropa bu sözü, Asiya filanı deyəcək. Yəqin ki, bu səslənəcək. Amma biz o qədər də böyük, güclü dövlət deyilik ki, Amerikanın, Avropanın bundan təzyiq vasitəsi kimi istifadə edəcəyi ilə hesablaşmayaq. Qarabağ kimi bir problemimiz var. Ona görə də bu kimi məsələlərə, məncə, daha ehtiyatlı dəyişikliklər etməliyik ki, insan hüquq və azadlıqlarına zidd olmasın.
Deyək ki, orada pay məsələsini kommersiya sirri kimi saxlamaq olar. Amma bu təsisçinin adının hüquqi şəxs kimi göstərilməsinin nə qəbahəti var? Nə problem var? Əgər o, qeydiyyatdan keçirsə, gizli bir təşkilatlanma, gizli bir qeydiyyata alma proseduru Azərbaycanda tətbiq olunmamalıdır ki? O baxımdan bu məsələləri özümüz çətinləşdiririk və sonra da bunun ortadan qaldırılması, üzərimizə gələn təzyiqlərin azaldılması üçün bütün qüvvəmizi səfərbər edirik. Mən hesab edirəm ki, burada daha cilalanmış və beynəlxalq qanunvericiliyə zidd olmayan bir üslub seçilməlidir. Əgər, doğrudan da, hərbi sirr, problem yaradan məsələ varsa, biz də onun açıqlanmamasının tərəfdarıyıq. Kim istəyər ki, ölkəsinin hər hansı bir sirri açıqlansın. Elementar məsələlərə görə ölkəmizə qarşı “Azərbaycanda informasiya azadlığı boğulur”, “informasiya azadlığı məhdudlaşdırılır” kimi təzyiqlərin başlamasına rəvac verməyin heç bir mənası yoxdur. O baxımdan hesab edirəm ki, biz bu məsələ ilə bağlı daha prinsipial bir mövqe ortaya qoymalıyıq ki, sonra belə təzyiqlərlə üzləşməyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Diqqətlə baxın, burada təsisçinin adı açıqlanmır, hüquqi şəxs varsa, onun adı açıqlanır. Həmkarlarımız da baxırlar, ora diqqət yetirin. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə toxunmaq istəyirəm. 2001-ci ildə qəbul edilmiş qanundakı 4-cü maddənin adının, həqiqətən, dəqiqləşdirilməsinə ehtiyac vardır. Mənim bayaq sadaladıqlarım kommersiya sirri hesab edilməyən məlumatlardır. Yəni bu gün bu qanunla kifayət qədər sirlər açıqdır. Biznes mühitini, şəffaflığı öyrənmək üçün bu qanun kifayət qədər əsas verir. Yəni biznesin təşkili, əmək haqqı, mənfəət, vergi ödəyicisi, borclar, qazandığı imtiyazlar bu qəbildəndir. Mən Qüdrət müəllimi tamamilə düzgün başa düşürəm, vaxtilə qəbul edilmiş qanun “Kommersiya sirri hesab edilən məlumatlar” adlanır. Əslində, bu, kommersiya sirri hesab edilməyən məlumatlar olmalı idi. Mən bu barədə Prezident Administrasiyası ilə danışdım. Razılıq aldıq ki, gələcəkdə bu məsələyə bir də baxaq. Yəni bu qanundakı dəyişikliklər biznes mühitinin yalnız bir hissəsini əhatə edir.
Bəzən deyirlər ki, dünyanın heç bir ölkəsində belə bir qanun yoxdur. Mən də, Əli müəllim də neçə gündür bu işlə məşğuluq. Mənim əlimin altında Qazaxıstan kimi böyük bir ölkənin qanunu var. Həmin qanunu indi yoldaşlara təqdim edəcəyəm ki, görsünlər, orada bu məsələlər nə qədər ciddiliklə qoyulub. İnvestisiya mühiti yüksək olan, dünya tərəfindən azad bazar münasibətləri quran bir ölkə kimi tanınan Qazaxıstanda kommersiya sirri haqqında bundan qat-qat sərt bir qanun var. O sənədin 6-cı maddəsində qeyd olunur ki, «Ð¿Ð°ÑÐ¿Ð¾Ñ€Ñ‚ные анкетные данные физических лиц, ÑвлÑÑŽÑ‰Ð¸Ñ…ÑÑ Ð°ÐºÑ†Ð¸Ð¾Ð½ÐµÑ€Ð°Ð¼Ð¸». Yəni bu qanuna edilən dəyişikliklər qətiyyən Azərbaycanda biznes sahibkarlıq mühitini məhdudlaşdırmır.
Mən sizə ulu öndər Heydər Əliyevin 2002-ci ildə sahibkarlarla görüşünü xatırlatmaq istəyirəm. O sahibkarlara dedi ki, sizə nə mane olur? Hansı qanunları qəbul edək ki, sahibkarlıq mühiti formalaşsın, sahibkarlara yersiz şantajlar, haqsız hücumlar edilməsin? Əgər bu gün Azərbaycanda fəaliyyət göstərən sahibkarlar vergi ödəyirlərsə, mənfəətlərini açıq bildirirlərsə, fəaliyyətləri barədə qanunauyğun şəkildə məlumatlar verirlərsə, bu o deməkdir ki, Azərbaycanda sahibkarlıq mühiti üçün kifayət qədər əlverişli şərait var. Edilən cüzi bir dəyişiklik yenə də ölkədə sahibkarlıq mühitinin təkmilləşdirilməsinə yönəldilmişdir. Hesab edirəm ki, deyilən təkliflər gələcəkdə nəzərə alınsa, çox yaxşı olar.
Oqtay müəllim, eyni zamanda, mən xatırlatmaq istəyirəm ki, təsis sənədləri 8 bənddən ibarətdir və onların yalnız birində – nizamnamə kapitalının miqdarında bu dəyişiklik edilir. Bu da dünya praktikasında qəbul edilmiş normalardan biridir. Amerikada, Avropa ölkələrində 200 illik tarix var. Onlar 100, 150 il həddindən artıq qapalı şəraitdə yaşayıblar. Ona görə biz Avropa normativlərinə keçmişik, böyük işlər görülüb. Eyni zamanda, müəyyən mənada da öz daxili milli maraqlarımızı da nəzərə almalıyıq. Sağ olun.
Sədrlik edən. Əli Hüseynli də danışsın. Mən hesab edirəm ki, mövqelər məlum olur. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Təkcə “Kommersiya sirri haqqında” Qanuna deyil, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna da münasibət bildirildi. İcazə versəniz, mən fürsətdən istifadə edib 8-ci məsələyə də aydınlıq gətirərdim, çünki faktiki olaraq onun müzakirəsini açmış olduq.
Sədrlik edən. Əli müəllim, mən üzr istəyirəm, xahiş edirəm, bu məsələnin izahatını verin. Sonra o biri məsələlərə keçərik, çünki səsvermə var.
Ə.Hüseynli. Bu məsələlər bir-biri ilə üzvü surətdə bağlıdır. Elə bilirəm ki, Qüdrət müəllimin 4-cü maddə ilə bağlı söylədiyi ziddiyyətə Ziyad Səmədzadə aydınlıq gətirdi. Çünki ilk baxışdan elə fikir yaranırdı ki, 4-cü maddəyə təklif olunan yeni redaksiya istisnadır. Ziyad müəllim də söylədi, əgər arayışda “Kommersiya sirri haqqında” Qanunun 4-cü maddəsinin tam mətni olsa idi, görərdik ki, komitələr tərəfindən təklif olunmuş bu variant kifayət qədər məntiqlidir.
Əsas tənqid və irad nədən ibarətdir? Belə arqumentlər səsləndi ki, guya bu dəyişiklikdən sonra hər hansı bir hüquqi şəxs ona mənsub olan vəsaitlə bağlı məlumatları açıqlamayacaq. Dünya ölkələrində açıqlanır, bu, sivil biznesdir. Məgər bizim bu yeni redaksiya ona mane olur ki? Bu qanunun qəbulundan sonra da hüquqi və fiziki şəxs əgər özü kapitalı, gəlirləri barədə məlumatı açıqlamaq istəyirsə, bunu edə bilər. Bu yeni redaksiyanın yeganə mahiyyəti ondan ibarətdir ki, fiziki və hüquqi şəxsin özünün iradəsi və icazəsi olmadan bunu etmək mümkün olmasın.
İkinci, Fazil müəllimin və Asim müəllimin səsləndirdikləri məsələyə münasibət bildirmək istəyirəm. Bu bir qədər də növbəti məsələ ilə bağlıdır. Bu da heç də o demək deyil ki, nizamnamə kapitalındakı pay və şəxslərin təsisçiləri barədə məlumat tam qapalıdır. Xeyr. Növbəti qanun layihəsinin də mahiyyəti ondan ibarətdir ki, bütün bu məlumatlarla əlaqədar həm üçüncü şəxslərin, həm də artıq icraat başlayıbsa, müvafiq icra hakimiyyəti orqanının sorğusuna cavab verməyə borcludur.
Yəni Ədliyyə Nazirliyi bu məlumatı əməliyyat-axtarış, məhkəmə-istintaq, maliyyə monitorinqi orqanlarına, vəkillərə təqdim etməlidir. Mən hesab edirəm ki, burada dəyişikliklərlə bağlı çox yanlış təsəvvür yarandı.
Nəhayət, cənab Sədr, burada bizim Azərbaycanın hüquqi və fiziki şəxslərinin milli maraqlarını qorumaq niyyətimiz yoxdur. Onsuz da qanunlar bunu qoruyurlar. Burada beynəlxalq qanunvericiliyə zidd heç nə yoxdur. Asim müəllimin sualına birbaşa cavab verirəm ki, məhz Avropa Şurası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 42 nömrəli sənədinin 3-cü maddəsi “Rəsmi sənədlərə müraciətin məhdudiyyətləri” adlanır. Həmin maddənin (c) və (h) bəndi məhz buna həsr olunub. Növbəti layihələrdə də görəcəyik ki, komitələr tərəfindən təqdim olunan bu layihələr qanunvericiliyimizin Avropa Şurası ölkələrinin standartlarına uyğunlaşdırılması məqsədi daşıyır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz bu məsələni çox müzakirə elədik. Mən hesab edirəm ki, mövqelər məlumdur. Çıxış edənlərin ikisi də komitənin üzvüdürlər. İqbal Ağazadə də çıxış edib. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.49 dəq.)
Lehinə  97
Əleyhinə  4
Bitərəf  0
Səs verməd 2 
İştirak edir  103
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Əli müəllim, növbəti iki məsələni bir yerdə məruzə eləmək istəyirsiniz, elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, əksinə, 8-ci məsələ “Kommersiya sirri haqqında” Qanunla birbaşa bağlı olduğu üçün istəyirdim ki, onu qısa şəkildə xatırladım. Amma “İnformasiya əldə etmək” haqqında Qanunu ayrıca məruzə edəcəyəm.
Bir daha xatırlatmaq istəyirəm ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna təklif olunan dəyişikliklər burada səsləndirildiyi kimi kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların hansı orqanlara sorğu əsasında verilməsini müəyyənləşdirir.
Beləliklə, bu heç də qapalı informasiya deyil. Qanunla müəyyən olunmuş hallarda məhkəmə, istintaq və təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, maliyyə monitorinqi orqanı, icra orqanları, vəkillər və həmin kommersiya hüquqi şəxsin digər təsisçiləri sorğu əsasında indiyə qədər bizim qapalı təsəvvür etdiyimiz məlumatları əldə eləyə bilərlər. Təbii ki, bu dəyişikliklər “Kommersiya sirri haqqında” Qanunla üzvi surətdə bağlıdır. Mən düşünürəm ki, artıq o qanuna münasibət bildirilibsə, 8-ci məsələyə də münasibət bildirilə bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli komitə sədrləri! Ya mən Azərbaycan dilində izah eləyə bilmirəm, ya da dostlarımız bunu, sadəcə, qəbul etmək istəmirlər. Mən deyirəm ki, vətəndaşın, hüquqi şəxsin adı, familiyası, təsisçi olub-olmaması və yaxud onun kapitalının miqdarı qanunla kommersiya sirri ola bilməz. Mən sizə bunu deyirəm, amma siz Amerika, Avropa belə getdi, fond birjasında filan şey elə getdi deyirsiniz. Mən sizə konkret deyirəm ki, Azərbaycan Respublikasının qanunlarına, Konstitusiyasına, “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq vətəndaşın bir şirkətin təsisçisi olub-olmaması və onun payının miqdarı kommersiya sirri hesab oluna bilməz. Söhbət bundan gedir. Mən sizə deyirəm ki, onun bu il satdığı əmlakın qiyməti...
Sədrlik edən. İqbal müəllim, üzr istəyirəm, bundan qabaq xahiş elədim ki, müzakirə olunan məsələ ətrafında danışın. Sən bu barədə bir dəfə çıxış eləmirsən, indi ikinci dəfə danışırsan.
İ.Ağazadə. Burada yazılıb ki, təsisçilər və onların nizamnamədəki payları haqqında məlumatlar istisna olmaqla. Mən də onu deyirəm və konkret olaraq bəndlərə keçəcəyəm. Eyni dəyişiklikdir, cənab Sədr, ona görə xahiş edirəm, şərait yaradın çıxışıma davam edim. Bir daha deyirəm ki, bu, kommersiya sirri hesab oluna bilməz. “Azərbaycan dilinin izahlı lüğəti”ndən tutmuş hüquqi şəxslərlə bağlı beynəlxalq praktikada olan hüquqi terminlər və onların izahlarını açın, baxın. Bunların heç biri kommersiya sirri hesab oluna bilməz. Bu, sadəcə olaraq, gizlətmədir və qanundan sui-istifadədir.
Birmənalı olaraq yazırsınız ki, kimlər ala bilər. Adama cinayət işi qaldırmısan, tutmusan, təbii ki, məhkəmə ona verəcək. Bəs bütövlükdə Azərbaycan cəmiyyətinin onun sərvət və kapitalından istifadə edən və ərazisində hüquqla fəaliyyət göstərən şirkətlər və onların sahibləri barədə məlumat almaq azadlığı haradadır?
Xatirinizdədirsə, qızıl yataqlarının istismarı ilə bağlı bir Kanada şirkəti gəlmişdi. Həmin qanun layihəsini, səhv etmirəmsə, 2003-cü ildə hörmətli Səməd müəllim təqdim etmişdi. Sonradan məlum oldu ki, burada erməni tərəfi var və parlament onu rədd elədi. Azərbaycan cəmiyyəti hüquq və azadlıqlarından istifadə edərək bunun payçısı, təsisçisi haqqında məlumat almayacaqsa, dövlət, milli maraq, strategiya budurmu? Mən hesab edirəm, əksinə, bu, dövlət maraqlarına ziyan vurmaqdır.
Yenə deyirəm, biz onun kommersiya fəaliyyətinə müdaxilə etmirik ki? Biz ondan kim olduğunu soruşuruq. Əgər vətəndaş ölkə daxilində şəxsiyyət vəsiqəsini, yaşadığı ünvanı açıq şəkildə təqdim edə bilirsə, hüquqi cəhətdən fəaliyyət göstərən bir şirkət də pasportunu, təsisçisinin kim olduğunu və payçıların nə qədər miqdarda paya malik olduqlarını göstərə bilər.
Başqa şeyi vergi bilər. Vergi ödəyicisidir, identifikasiya koduna uyğun vergi orqanlarında qeydiyyatda durub. Vergi verib-vermirmi, onu dövlət vergi orqanları müəyyən eləyə bilər. Etməyəndə onun hansı hüquqlarını məhdudlaşdırmaq, nə qədər onu cərimə etmək və sair artıq hüququn işidir. Vətəndaşın, ictimaiyyətin kütləvi informasiya vasitələrinin ala biləcəyi tək informasiya təsisçinin adı, familiyası və iştirak payıdır.
Siz heç də elə nəzərdə tutmayın ki, burada təkcə Azərbaycan Respublikasının vətəndaşları hüquqi səxs kimi qeydiyyatdan keçib, pay miqdarını müəyyən eləyə bilər. Sabah biri gəlib Azərbaycan dövlətinin maraqlarına ziyan vura, ictimaiyyətdən gizlənə bilər. O da ola bilər, onda nə cavab veriləcək? Bununla yalnız əlahiddə dövlət qurumlarımı məşğul olmalıdır? Bəlkə həmin dövlət qurumu bu orqanlarla cinayət əlaqəsinə girib, uzun müddət Azərbaycan dövlətinin milli maraqlarına və mənafelərinə ziyan vuracaq. İctimaiyyət bunu müəyyən edirsə, nəyə görə bunun adı və payı ondan gizlədilməlidir? Söhbət bundan gedir. Ona görə də kommersiya sirrini Avropa ölkələri və sairlə müqayisə etmədən informasiya azadlığı ilə kommersiya sirrini bir-birinə qarışdırmayın. Kommersiya sirri heç bir hüquqi termində rast gəlinməyən məsələdir. Mən üçüncü məsələ müzakirə olunanda daha dəqiq məlumatları deyəcəyəm. Bunların heç biri qəbul oluna bilməz. Bu, qanunun fəlsəfəsi ilə bütövlükdə ziddir. Çox sağ olun.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, mən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 15.8-ci maddəsinə təklif vermək istəyirəm. Əslinə baxanda, bu təklif müəyyən mənada texniki xarakter daşıya bilər. Amma hər halda səsləndirməkdə fayda görürəm. Məsələ burasındadır ki, bu gün biz dövlət reyestrindən çıxarışların alınmasında müəyyən vaxt itkisinə yol veririk. Ola bilsin, müəyyən çətinliklər də olur. Ona görə baxmaq lazımdır, əgər imkan varsa, dövlət reyestrindən çıxarışlar “onlayn” rejimi ilə verilsin. Bilirsiniz ki, artıq “onlayn” rejimində təcrübəmiz də var. Bu gün yerli investisiyalı məhdud cəmiyyətlərin qeydiyyatı “onlayn” rejimində elektron formada həyata keçirilir.
Yeri gəlmişkən, qeydiyyatdan danışarkən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu gün qeyd etdiyim kimi, qeydiyyat sahəsində çox ciddi islahatlar həyata keçirilir və “onlayn” rejimində kommersiya təşkilatının qeydiyyatı reallaşır. Mən hesab edirəm ki, bu təcrübəni müəyyən formada qeyri-kommersiya təşkilatlarına da tətbiq etmək olar. Hüquqi şəxslərin, xüsusilə qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı üçün nəzərdə tutulan müddətin azaldılmasına baxmaq lazımdır. Bu işlə maraqlananlar bilirlər ki, bu gün qeyri-kommersiya təşkilatının qeydiyyatı zamanı müəyyən araşdırmalar üçün ilkin mərhələdə 40 iş günü və bundan sonra əgər lazım olarsa, əlavə 30 iş günü tələb olunur. Bundan sonra əlavə iş günü də tələb oluna bilər və qeyri-kommersiya təşkilatının qeydiyyatı üçün üst-üstə təxminən 100 iş günü vaxt tələb olunur. Mən hesab edirəm ki, bu qədər vaxta ehtiyac yoxdur. Bu gün artıq qeydiyyat idarəsinin həm təchizatı, həm də informasiya əldə etmək imkanları kifayət qədər müasirləşib, təkmilləşib. Maksimum 30 gün içərisində biz qeyri-kommersiya təşkilatlarının dövlət qeydiyyatı məsələsini həll edə bilərik. Mən hesab edirəm ki, bu, ümumiyyətlə, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin bir tərkib hissəsi ola bilər. Dövlət bu istiqamətdə kifayət qədər şəffafdır, QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafını gücləndirir.
Bir məsələni də qeyd etmək istərdim. Biz bu gün qeyri-kommersiya təşkilatlarının qeydiyyatını yalnız və yalnız Bakı şəhərində həyata keçiririk. Bilirsiniz ki, müvafiq icra hakimiyyəti orqanlarının, konkret Ədliyyə Nazirliyinin bölgələrdə bölmələri, təmsilçiləri var. Hesab edirəm ki, ən azı iri şəhərlərdə bu qeydiyyat məsələsini həyata keçirmək olar. Bu o deməkdir ki, artıq bölgələrdən, rayonlardan insanlar vaxt sərf edib Bakıya gəlməzlər, həm də vəsait xərcləməzlər.
Hörmətli həmkarlarım, prinsip etibarilə təklif olunan əlavə və dəyişiklikləri qəbul etmək olar. Əli müəllim qeyd etdi, ciddi zərurət yarandığı təqdirdə müəyyən məlumatların əldə olunması üçün qanunvericilikdə yeni imkanlar açılır. Hesab edirəm ki, bu həm konstitusiyamız, həm də qəbul etdiyimiz digər qanunlarla səsləşir. Biz buna səs verə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.01 dəq.)
Lehinə  98
Əleyhinə  3
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  101
Nəticə: Qəbul edildi

Hörmətli millət vəkilləri, hələ gündəlikdə 3 məsələmiz var. Növbədənkənar sessiyadır, əgər vaxt çatmasa, bir az artıq işləyəcəyik. Ziyad Səmədzadə, xahiş edirəm, Vergi Məcəlləsinə dəyişiklik haqqında məlumat verəsiniz. Buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinin 30.2-6-cı maddəsinə bayaq qəbul etdiyimiz dəyişiklik əlavə olunur. Millət vəkillərindən bu dəyişikliyə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 17.01 dəq.)
Lehinə  99
Əleyhinə  2
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, biz “İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunmuş dəyişiklikləri gündəlikdə önə çəksəydik, bəlkə də bu qədər mübahisə yaranmazdı. Çünki faktik olaraq 7 və 8-ci məsələlər də bu qanunla bağlıdır və həqiqətən də, bunların müəyyən üzvi bağlantısı var. Bildiyiniz kimi, 2002-ci ildə Azərbaycan Respublikasının “Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul olunub. Həmin Konstitusiya Qanununda biz Avropa İnsan haqları konvensiyasında göstərilmiş hüquqların məhdudlaşdırma çərçivəsini müəyyən etmişik. Faktik olaraq konvensiyanın 10-cu maddəsinin ikinci bəndi Azərbaycan Respublikası Konstitusiyasına köçürülmüşdür.
Fürsətdən istifadə edib Konstitusiyanın 47-ci maddəsində göstərilən fikir və söz azadlığı, 50-ci maddəsində göstərilən məlumat azadlığının məhdudlaşdırma çərçivəsinə bir daha diqqət yetirmək istəyirəm. Fikir ifadə etməklə yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Xüsusi olaraq hüquqşünas həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bizim “İnformasiya əldə etmək haqqında” Qanuna əlavə etdiyimiz 2.4-1-ci maddə məhz Konstitusiya Qanununun müvafiq müddəasında öz əksini tapmışdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz cəmi bir il bundan əvvəl “Normativ hüquqi aktlar haqqında” Qanun qəbul etdik. Həmin qanunun mənasına görə qanunlar hazırlanarkən sui-istifadənin qarşısını almaq məqsədi ilə normalar müəyyən edilməlidir. Beləliklə, təqdim etdiyimiz bu əlavə müddəa informasiya əldə etmək hüququnu, – təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmkarlarım tərəfindən səsləndirildiyi kimi, mətbuatda məhdudlaşdırılmır, – əksinə, onun daha geniş çərçivəsini müəyyənləşdirir və informasiya verməkdən imtina edən orqanlara məhdudiyyət qoyur, nəinki informasiyanın əldə edilməsinə.
Bu layihə ilə bağlı təbii ki, beynəlxalq təcrübə də öyrənilmişdir. Mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanunda hüquqlar, azadlıqlar göstərildiyi halda, bunların həyata keçirilməsinin tənzimlənməsi ilə bağlı heç bir müddəa yoxdur. Ümumiyyətlə, mən hesab edirəm ki, bizim qanunvericiliyimiz Azərbaycan Konstitusiyasına, o cümlədən Konstitusiyaya etdiyimiz əlavələrə uyğunlaşdırılmalıdır.
İki komitənin birgə iclasında təqdim etdiyimiz layihə ilə bağlı bir sıra fikirlər və təkliflər söylənilmişdir. Biz bunları öyrənmişik və hazırda stenoqramda əksini tapsın deyə, mən kompüterdə olmayan və sizlərə təqdim edilməmiş yeni variantı diqqətinizə çatdırmaq istəyirəm. Qanuna aşağıdakı məzmunda 2.4-1-ci maddənin əlavə edilməsi təklif olunur: “İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”.
Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, bu ifadə Avropa İnsan haqları konvensiyasının 10-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasına, Avropa Şurasının rəsmi sənədlərə müraciətlə bağlı Nazirlər Kabinetinin 2008-ci il qərarına, Avropa Parlamenti Şurasının və komissiyasının rəsmi sənədlərə dair aktlarına tam uyğunluq təşkil edir. İnanıram ki, həmkarlarım bu əlavəni dəstəkləyəcəklər. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, Ziyafət müəllim, mən əvvəldə bununla bağlı mövqelərimi ifadə etdim. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda tətbiq edilən məsələnin bir tərəfinə diqqət yetirmək istərdim. 2.4-cü maddədə yazır: “Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır”. Söhbət fiziki şəxslərdən gedir. Ardınca 2.4.1-ci maddədə isə deyilir: “İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə...” və sair maraqlarına zidd olmasın. Fiziki şəxslərin fəaliyyətlərində dövlətin hansı siyasi, iqtisadi, hərbi, milli maraqları, maliyyə-kredit, valyuta, pul, sağlamlıq, mənəviyyat və sair... Kim nəyi düşünüb hamısını oraya yazıb. Nə aidiyyəti var onun? 2.4-cü maddə birbaşa fiziki şəxslərlə bağlıdır. 2.4.1-ci maddə də 2.4-cü maddənin açılışıdır. Fiziki şəxslərə nə aidiyyəti var?
İndi siz mənə deyin, hər hansı bir fiziki şəxsin və yaxud da kommersiya şirkətinin Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrində milli maraqlarının qorunmasındakı iştirak payı necədir ki, həmin şirkət barədə verilən məlumat Azərbaycan dövlətinin hərbi, siyasi, iqtisadi maraqlarına xidmət etsin? Bu özəl bir şirkətdir. Heç olmasa bunu elə tərtib etmək lazımdır ki, nə isə aydın olsun. Hər şeyi qarışdırmısınız bir-birinə, fiziki şəxsləri bir tərəfdən, hüquqi şəxsləri bir tərəfdən. Sadəcə, informasiya əldə etmək mümkün olmasın. Məsələnin mahiyyəti ancaq buna söykənir.
Yenə deyirəm, əvvəlki maddələrlə bağlı bunu qeyd etdim, bunun heç biri Azərbaycan Konstitusiyasının, Azərbaycanın indiyə qədər qəbul etdiyi qanunların ruhuna uyğun deyil. Hörmətli Əli müəllim Avropa ölkələrindən, Avropa Konvensiyasından misal gətirdi. Çox doğru gətirdi. Amma lütfən, Əli müəllim, kontekstdən çıxarıb təqdim etməyin. Həmin kontekstdə, bütövlükdə təqdim etsəniz görərsiniz ki, burada dedikləriniz Avropa konvensiyasının məhz 10-cu maddəsinin prinsipləri ilə bütövlükdə ziddiyyət təşkil edir. Çox sağ olun.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu müzakirələr zamanı əleyhdarlar və tərəfdarların çıxışlarını dinlərkən 2009-cu ildə referenduma çıxarılmış təkliflər paketinin müzakirəsini xatırlayıram. O dövrdə də çox ciddi təhlükələrdən anons verən qüvvələr sonrakı dönəmdə sözlərinin birinə də aydınlıq gətirməyiblər və ya dediklərinin baş vermədiklərinə görə burada təkzib mövqeyindən çıxış etməyiblər. Mən çox yaxşı xatırlayıram ki, nə qədər sayda insan Konstitusiyaya dəyişiklikləri çıxış etmək hüququna təhlükə, ermənilərin müstəqilliklərinə gedən yol və sair kimi qələmə verirdilər. Ayrı-ayrı dövlət qurumlarının dövlətlərarası sazişlərdə iştirak etmək məsələsinə də eyni rəngdən yanaşırdılar.
Bir məsələni, hörmətli Ziyafət müəllim, çox yaxşı xatırlayıram. Bu, media məsələləri ilə bağlı idi. Əli müəllim də xatırlayırsa, söhbət şəxsi sirlərin qorunması və vətəndaşın şəxsi həyatına müdaxilənin qadağan olunması ilə əlaqədar idi. Söhbət foto, audio yazıların götürülməsini qadağan edən bir yasaq normasından gedirdi. Mən çox yaxşı xatırlayıram ki, bu məsələ üzərində ixtisaslaşmış beynəlxalq qurumlar da Azərbaycan əleyhinə bəyanatlar verdilər və hətta Konstitusiyaya əlavələrlə bağlı mənfi rəy yazdılar. Ən başlıca müddəa kimi də ona istinad edirdilər ki, bu məsələlərdə medianın hüququ tapdalanır. Üstündən 3 il keçib. Nəinki foto, nə desən edirlər. Mən üzr istəyirəm, paparatsi fəaliyyəti qalıb qıraqda, Azərbaycan mediası istənilən şəxsin üzərində nəyi desən, qurmaq hüququnu özündə saxlayır. Ona görə də yasaq, norması və ya əksi Azərbaycan reallığında medianı daha geniş səlahiyyətlərlə zənginləşdirmək deməkdir. Azərbaycan kütləvi informasiya vasitələri öz prinsipləri ilə işləyirlər. Ona görə də bunun xüsusi olaraq yasaqlayıcı bir vəziyyət kimi demokratik cəmiyyət quruculuğuna mənfi təsir göstərəcəyi müddəasını bəri başdan qəbul etmirəm. Bu, birinci məsələ.
İkinci, bayaq mən çıxış üçün yazılmamışdım. İstərdim, bircə cümlə ilə əvvəlki qanun layihəsinin müzakirələrinə də münasibət bildirim. Əgər payçıların kimliyi və yaxud da onların paylarının miqdarı kommersiya sirri sayılacaqsa, orada göstərilməsin. Buna nə var ki, bunu ayrı-ayrı şəxslərin adı ilə etmək olar? Dövlətin və ya dövlət qurumunun nüfuzlu bir insanını gizlətməklə, başqa bir adamın adı ilə də həyata keçirilə bilər. Lakin söhbət bundan getmir. Bu gün beynəlxalq praktikada iqtisadi şirkətlər və dövlətin əleyhinə çevrilən proseslərdən biri də bundan ibarətdir ki, həmin ölkəni, qurumu ləkələmək, gözdən salmaq, onu beynəlxalq bazardan vurub çıxarmaq üçün fəaliyyətlər aparılır. Bunu kimlərin isə adı ilə bağlamaq xətti seçilir. Sizin dediyiniz “Azadlıq” radiosundan tutmuş digər qurumların hamısına guya məxfi olan məlumatlar da kəşfiyyat strukturları və maraqlı dairələr tərəfindən sızdırılır. Yoxsa hansısa bir Xədicə İsmayılovanın belə bir əlahiddə imkanları yox imiş ki, nəyisə araşdırsın və ortalığa qoysun? Bu tamamilə cəfəngiyatdır. Çoxlarının içərisində olan, amma demədikləri bu məsələnin parlamentdə səslənməsini istəyirəm.
Məsələnin informasiya hüququ tərəfini hörmətli Əli müəllim qeyd etdi. Bir tərəfdən bu müddəa artıq Konstitusiya müddəasıdır. Konstitusiyanın mühüm bir elementidir. Biz bunu qeyri-adi bir yerdən götürmürük. Deməli, bu məsələ ana qanunumuzda öz əksini tapıbdır. Digər tərəfdən Avropa Fraksiyasında da bu məsələlər var. Avropa İnsan haqları konvensiyasının 10-cu maddəsini kontekstdən çıxarmadan Əli müəllim təqdim etdi. Ancaq bunun praktikada necə işləyəcəyi başqa məsələdir. Həqiqətən, bizim media strukturları ayrı-ayrı dövlət qurumları ilə işləməkdə çox ciddi çətinliklər çəkirlər. Yalnız ona görə ki, Azərbaycanda informasiya təminatı ilə bağlı yaradılmış, sonradan Ombudsman təsisatının nəzdinə verilmiş şöbə işləmir. Əgər doğrudan da, indiyə qədərki dövrdə hansısa bir qurum məlumatı vermədiyinə, vətəndaşı və ya medianı təmin eləmədiyinə görə məsuliyyət daşısa idi, heç bu qədər çək-çevir də olmazdı. Bunu idarəetmənin qeyri-şəffaflığı, qapanma, buxovlanma, cəmiyyətdən kənarlaşma kimi də təqdim etməyəcəyik.
Xatırlayırsınızsa, biz qanunu qəbul edəndə onun əsas ağırlıq mərkəzini yaradacağımız qurumun üzərinə salmışdıq. Çox təəssüf ki, hörmətli Rizvan Cəbiyev buradan çıxıb gedəndən sonra bu sahədə, ümumiyyətlə, qanunlar çox da qəbul olunmadı. Sonra belə bir gerçəklik ortaya çıxdı ki, ayrı-ayrı qurumlar istədikləri məlumatı iqtisadi və hərbi maraqlara uyğun və ya qeyri-uyğun olmasından asılı olmayaraq məxfi məlumat hesab edə bilər. Bir də görürsünüz Müdafiə Nazirliyimiz cəmiyyət üçün açıq olan adi bir məsələnin də üzərinə “məxfi” qrifi qoyur. Nə var ki burada, bunu niyə cəmiyyətə çatdırmasınlar? Əgər kim isə həmin xəbərləri artıq açdısa, bu artıq onun gücünü göstərir. Dövlət qurumunun zəifliyidir ki, bunları qoruya bilməyib.
Mənim bu məsələyə yanaşmam bundan ibarətdir. Təxminən 2 ay bu məsələ üzərində ixtisaslaşmış qurumlar – Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational (Beynəlxalq Amnistiya Təşkilatı), “Human Rights Watch”, “Freedom Hause” Azərbaycan əleyhinə bəyanatlar verəcəklər. 2 aydan sonra bəlli olacaq ki, Azərbaycanda bu məsələlərin təminatı sahəsində xüsusi bir proqram yoxdur. Yenə də cəmiyyətə hansısa məlumatlar çıxarıla bilər. Bunun hər hansı bir təhlükəsi də yoxdur və informasiya təminatı hüququna mənfi təsiri olmayacaqdır. Mən bu mənada dəyişikliyin belə ayrı-ayrı dairələr tərəfindən süngü ilə qarşılanmasını qəbul etmirəm. Mənə elə gəlir ki, media da bu məsələ əleyhinə olan təbliğatı kortəbii şəkildə parlamentə daşıyır. Bu da mənə sanki Qərbdən gələn bir kampaniya kimi görünür. Buna görə də mən bunun lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən deputatlardan çox rica edirəm. Bizim gündəlikdə irihəcmli qanun layihəmiz var. Hörmətli qonaqlar da buradadırlar. Ona görə, xahiş edirəm, mümkünsə, qısa, mahiyyət üzrə danışın. Buyurun, Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! “İnformasiya əldə etmək haqqında” Qanuna edilən əlavə ilə bağlı hörmətli komitə sədri Əli müəllim “Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarına istinad etməklə kifayət qədər əsaslandırdı. Bir də həmin dəlillər üzərində dayanmaq istəmirəm. Amma belə bir fikir səsləndi ki, informasiya əldə etmək bu qanunun 1-ci maddəsinə görə azaddır. Mən düşünürəm ki, bütün problemlər də elə buradan başlanır.
Bütün problemlər o vaxt başlanır ki, hər hansı bir insan hüququ mütləqləşdirir. İnsanın heç bir hüququ, elə o cümlədən azadlıq hüququ da mütləq xarakter daşımır. İnsanın Allahın bəxş etdiyi ilk hüququ olan yaşamaq hüququ belə, mütləq xarakter daşımır. Yəni qanun icazə verəndə insanın nəinki informasiya hüququnu, hətta yaşamaq, azadlıq hüququnu belə məhdudlaşdırmaq mümkündür. Bu, Konstitusiyada da nəzərdə tutulub. Biz sonuncu referendumda Konstitusiyaya hüquqların məhdudlaşdırılmasının ikinci bir üsulunu da əlavə etdik. Bu da digərlərinin hüquqları ilə məhdudlaşdırmadır. Buna görə də informasiya hüququnun da qanun icazə verdiyi halda məhdudlaşdırılması normal bir haldır.
Bu maddədə göstərildiyi kimi, fiziki şəxslərin dövlətin siyasi, iqtisadi, kommersiya maraqlarına, habelə məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi ilə bağlı maraqlarına zidd məsələlər olmamalıdır. Əgər “Dövlət sirri haqqında” Qanun yadınızdadırsa, orada dövlət sirri ilə işləyən insanlara müəyyən bir müddət Azərbaycan Respublikasından getmək qadağan edilir. Bəli, fiziki şəxslər, lazım gələndə, dövlət maraqlarına kifayət qədər ziyan vura bilirlər. Bu baxımdan düşünürəm ki, informasiya əldə etmək hüququnun bu şəkildə məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasına, o cümlədən də hörmətli komitə sədrinin saydığı Konstitusiya qanunlarına tamamilə uyğundur. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aqil Abbas buyursun.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim sualım var. Əslində, bu qanun qəbul olunur. Amma biz mətbuatda da oxuyuruq, Prezident Administrasiyasından da eşidirik ki, diffamasiya haqqında qanun hazırlanır. Əslində, mən özüm jurnalist olsam da, diffamasiya haqqında qanunun əleyhinəyəm. Səbəblərin burada açılmasına ehtiyac yoxdur. Amma həmin qanun bu qanunla necə uzlaşacaq? Bu bir az problemə çevrilir. Çünki bu qanun başqa sözlər deyir, diffamasiya haqqında qanun başqa.
Bir məsələyə də toxunmaq istəyirəm. Bayaq Zahid müəllim bu məsələyə toxundu. Amma hər halda informasiya verən şəxs heç bu qanun olmadan da bilməlidir ki, onun verdiyi informasiya dövlətin mənəviyyatını, müdafiəsini, siyasi, iqtisadi məsələlərini zərbə altında qoyubsa, informasiyanı verən şəxsin özü təqsirkardır və həmin şəxs məsuliyyət daşımalıdır. Məlumatı Aqil Abbasa veribdir, Aqil Abbas da bunu mətbuata çıxarıbsa, daha artıq mən məsuliyyət daşımıram. Həmin adam belə informasiyanı verməməlidir. Bunun üçün məsuliyyət onun üzərinə düşməlidir.
Əli müəllim, diplomasiya haqqında qanun layihəsi gələcək. Əgər həmin qanunu qəbul etsək, Azərbaycanda vətəndaş müharibəsi başlayacaq. Çünki həmin qanuna görə Aqil Abbas nə yazsa cavabdeh deyil, kimin haqqında nə istəsə yaza bilər. Bu da gətirib vətəndaş müharibəsinə çıxara bilər. Çünki kimin haqqında mən yazsam o məni vuracaq, mənim haqqımda kim yazsa, mən onu vuracağam, məhkəmə olmayacaq. Amma Azərbaycan Respublikasının Konstitusiyasında var ki, dövlət vətəndaşın hüququnu qorumalıdır və bu onun vəzifəsidir. Diffamasiya haqqında qanun gəlib buranı dağıdacaq. Əli müəllim, bu qanunla onun uzlaşmasını soruşurdum. Yoxsa, qanunun əleyhinə deyiləm, lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Kim isə çıxış edib deyir ki, qanun layihəsi gəlib. Belə bir qanun layihəsi hələ yoxdur. Ona görə də bunu müzakirə etməyə də ehtiyac yoxdur. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Bəzi həmkarlarımın fikirləri səsləndi. Mən 2.4.1-ci maddəyə diqqətlə baxıram. Bunun heç kimə ziyanı yoxdur. Yəni konkret olaraq nə fiziki, nə hüquqi şəxsə, nə də bütövlükdə söz azadlığına, demokratiyaya hansısa bir formada mənfi təsir göstərməyəcək. Burada açıqca yazılıb, hər şey aydın şəkildə göstərilib. İnformasiya azadlığı bir az yayğın səslənir. İnformasiya azadlığı o demək deyil ki, biz informasiya anarxiyası və ya informasiya özbaşınalığı yaradaq.
Bugünkü dünyamızda informasiya mübadiləsinin nə qədər sürətlə getdiyi hamıya bəllidir. Eyni zamanda, informasiyanın hazırkı dünyamızda müəyyən mənada təzyiq vasitəsinə çevrildiyi də bəllidir. İnformasiya əldə edilməsi uğrunda mübarizə getdiyi dünyamızda hamıya aydındır. Ona görə də Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq, onun siyasi, iqtisadi, hərbi, maliyyə, kredit, valyuta və sair ilə bağlı bu və ya digər informasiyanın verilməsinə məhdudiyyət qoyuruqsa və müəyyən şərtlər irəli sürürüksə, hesab edirəm ki, burada bir qəbahət yoxdur. Onsuz da hökumətin, dövlətin müvafiq strukturları vaxtaşırı olaraq cəmiyyəti bu və ya digər məlumatlarla məlumatlandırırlar. İstənilən nazirlik, hüquqi, fiziki şəxs və ya şirkətlər, Milli Məclisin deputatları öz fəaliyyətləri, elə Milli Məclisin fəaliyyəti haqqında İnternet səhifələrində məlumat yayır, mətbuat konfransları keçirirlər. Prezident Administrasiyası zaman-zaman mətbuat konfransları vasitəsilə məlumatlar yayır. Məlumatları yaymaqda, ictimaiyyətə çatdırmaqda dövlət maraqlıdır. Amma hansı məlumatları yayırıq və hansı məlumatları yaymaq istəmirik, hansı məlumatların yayılmasına qadağa qoyuruq? Bu qadağa da aktların yayılmasına şərt qoyur. Özü də bu qadağa da deyil, şərtdir. Bu şərtlər daxilində yayılması irəli sürülüb.
Bəzən qanunla əlaqədar mətbuatda da yazılar gedir ki, burada hansısa məhdudiyyətlər qoyulur. Ziddiyyət var, nə bilim informasiya azadlığı qorunur və sair. İnformasiya azaddır. Konstitusiyada, qanunlarda çözlü azadlıqlar verilir. Məhz həmin azadlıqların hamısı sonra hansısa qanunlarla tənzimlənir. Ona görə də mən hesab edirəm ki, bunu başqa cür yazmaq lazım deyil.
Biz müharibə vəziyyətindəyik, təcavüzə məruz qalmışıq. Düşmən ölkə, ona himayədarlıq edən dairələr Azərbaycan haqqında vaxtaşırı məlumatlar toplamaq istəyirlər. Ona görə də bizim bu və ya digər formada öz məlumatlarımıza əl gəzdirmək, müəyyən mənada şərtlər daxilində onu ortaya qoymaq ixtiyarımız var. Burada da əsaslandırıldı ki, bu qanun bütövlükdə qoşulduğumuz beynəlxalq konvensiyalara, həmçinin qəbul etdiyimiz qanunlara, Konstitusiya qanunlarına da uyğundur. Ona görə də mən buna tərəfdaram və hesab edirəm ki, bununla əlaqədar nə isə bir şou yaratmaq məqsədəuyğun deyil. Sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Adından da göründüyü kimi, biz “İnformasiya əldə etmək haqqında” Qanunu ləğv etmirik, həmin qanunda dəyişiklik edirik. Bu dəyişiklik həmin qanunu daha da təkmilləşdirir. Bu qanunla əhatə olunan sahəni, məsələləri, hüququ daha da yaxşılaşdırır. Belə bir fikir səsləndi ki, dəyişiklik Konstitusiyamıza ziddir. Qarşımızda monitorda Konstitusiyamızın 71-ci maddəsi göstərilir. Həmin maddədə deyilir ki, heç kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırıla bilməz. Yəni göründüyü kimi, Konstitusiyanın özündə məlumat əldə edilməsinin müəyyən bir məhdudiyyəti göstərilir. Konstitusiyada göstərilən hüquq və azadlıqlardan sui-istifadə edilməsi qadağandır. Bu qanun qəbul edilərkən, şübhəsiz, həmin dövrün tələblərinə uyğun şəkildə ola bilər ki, bütün müddəalar nəzərə alınmasın. Amma həyat göstərir ki, informasiya əldə olunması hüququndan sui-istifadə edilir, eyni zamanda, Azərbaycanın maraqlarına zidd addımlar atılmasına hesablanan situasiya yaradılır. Belə halda Azərbaycan öz maraqlarını niyə qorumamalıdır?
İyunun 5-dən başlayaraq Azərbaycan–Ermənistan cəbhə xəttində Ermənistan tərəfindən hərbi həmlələr edilir. Elə isə gəlin imkan verək ki, Azərbaycanın cəbhə xəttində yerləşən texnikası, silahlı qüvvələri, taktiki strateji planları barəsində mətbuatda informasiyalar getsin. Bu, şübhəsiz ki, Azərbaycanın maraqlarına cavab verməyəcək. Hesab edirəm ki, bu dəyişiklik ilk növbədə Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, hər bir vətəndaşın maraqlarının qorunmasına xidmət edir.
Mən Amerika Birləşmiş Ştatlarından bir nümunə gətirmək istəyirəm. 2001-ci ildə Amerika Birləşmiş Ştatları Əfqanıstanda terrorizmə qarşı mübarizəyə başlayarkən Amerikanın məşhur televiziya şirkətlərindən biri Əfqanıstandakı Taliban hərəkatının lideri molla Ömərdən radiomüsahibə götürür. Tarixdə görünməmiş bir işdir. Molla Ömərin hətta şəkli belə, insanlarda yoxdur. O, heç zaman heç kəsə müsahibə verməmişdir. Teleşirkət bütün Amerikaya reklam vasitəsilə bildirir ki, bir neçə gündən sonra filan vaxtda molla Ömərin müsahibəsini səsləndirəcək. Amerika hökuməti şirkətə müraciət edərək həmin yayımın Amerikanın milli maraqlarına xidmət etmədiyini bildirir və teleşirkətdən bunu verməməyi xahiş edir. Teleşirkət Amerikanın maraqlarını nəzərə alaraq bunu etmir. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları kimi nümunə götürdüyümüz bir ölkədə belə, ölkənin milli maraqları şirkətin, şəxsin, siyasi partiyanın maraqlarından öndə gedir.
Hesab edirik ki, kifayət qədər konkret və kifayət qədər düzgün yazılıb. Amma bizə verilən maddədə bir kəlmənin dəyişdirilməsini təklif edərdim. Burada yazılır: “digər şəxslərin hüquq və azadlıqlarını”, amma açılmır ki, hansı qrup insanlardan söhbət gedir? Digər şəxslərin də hüquq və azadlıqlarının qorunmasının təmin edilməsinə zidd olmasın. Ona görə də digər şəxslərin, ümumilikdə şəxslərin hüquq və azadlıqlarının olduğu kimi yazılmasını təklif edirəm. Hesab edirəm ki, qanuna dəyişiklik sırf texniki xarakter daşımır. Bu, Azərbaycanın dövlətçiliyinin, maraqlarının, hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunmasında çox vacib bir rol oynayacaq. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 17.28 dəq.)
Lehinə  93
Əleyhinə  2
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, biz gündəliyin sonuncu məsələsinə keçirik. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi layihəsinin ikinci oxunuşudur.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, çox uzun müddətdir ki, bu layihə üzərində işlənilir. Çox təkmil bir layihədir, xahiş edirəm, diqqətli olaq. İlk öncə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mən başa düşürəm ki, artıq bizim vaxtımız bir qədər məhdudlaşıb. Amma vaxtın məhdudluğuna görə yox, cənab Sədr, komitələrin birgə çox fəal, konstruktiv və bəhrəli bir işinin nəticəsində mən bu gün çox qısa məruzə etmək fikrindəyəm. Bir daha sizi məlumatlandırmaq istəyirəm ki, bu məcəllə parlamentin təşəbbüsü ilə parlamentdə yaradılmış işçi qrup tərəfindən işlənib hazırlanmışdır. Sonra bütün maraqlı subyektlər bu işə cəlb olunub. Hazırda işçi qrupunda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, vətəndaş cəmiyyətinin nümayəndələri var. Biz layihə ilə bağlı ictimai müzakirənin də həyata keçirilməsinə nail olmuşuq. Həm ictimai müzakirə, həm də iki komitənin ikinci oxunuş ərəfəsində birgə iclası zamanı millət vəkillərinin səsləndirdikləri fikirlər, o cümlədən medianın, vətəndaş cəmiyyətinin bütün fikirləri dəqiq öyrənilmiş və bunlara münasibət bildirilmişdir.
Mən həm Hüquq siyasəti və dövlət quruculuğu, həm də İqtisadi siyasət komitələrinin üzvlərinə təşəkkürümü bildirirəm ki, məhz onların bir çox konstruktiv təklifləri nəticəsində Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi daha da mükəmməl olmuşdur. Eyni zamanda, işçi qrupunun üzvlərinə təşəkkürümü bildirirəm ki, onlar millət vəkillərinin təkliflərinə çox diqqətlə yanaşmışlar. Demək olar ki, təkliflərin böyük əksəriyyəti nəzərə alınmışdır, çünki təkliflər, həqiqətən, bu məcəllənin təkmilləşdirilməsinə xidmət edibdir.
Birinci oxunuş zamanı müzakirələrdə hörmətli Vahid Əhmədovun təklifləri var idi. Onun təklifləri, əsasən, yol tikintisi ilə bağlı bir sıra məsələlərə aid idi. 7.03-cü maddə daha da dəqiqləşdirildi və orada bu məsələyə açıqlama gətirildi. Bu layihə ilə bağlı həm birinci oxunuş zamanı, həm də komitələrin birgə müzakirəsində hörmətli Cavid Qurbanov, Ağalar Vəliyev də bir sıra təkliflər vermişlər. Bu məsələlərin bir hissəsi ikinci oxunuşda nəzərə alındı.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bir sıra təkliflər məcəllənin predmetinə aid deyildi. Daha çox qanunun tətbiqi ilə bağlı idi. Həmin məsələlər qanunun tətbiqi ilə bağlı Prezident fərmanında və yaxud da müvafiq nazirliklərin əsasnamələrində öz əksini tapa bilər. Amma birmənalı vurğulamaq istəyirəm ki, qaldırılan məsələlər mahiyyəti üzrə düzgün idi və biz bunların həlli yolları üzərində çalışırıq.
Həmkarım hörmətli Ziyad Səmədzadə də komitə sədri kimi birinci oxunuş zamanı və komitələrin birgə iclaslarında da təkliflər vermişdir. Məhz bu təkliflər nəticəsində 14-cü maddənin mətni demək olar ki, yenidən işlənildi. Əli Məsimlinin təklifləri planlaşdırma və tikinti fəaliyyəti ilə bağlı idi. Bu məsələlər də layihədə öz əksini tapmışdır.
Həm birinci oxunuş, həm də komitədə müzakirə zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət müəllim bir sıra təkliflər verdi. Bunlardan biri məcəllə layihəsində təklif olunan müddətlərin daha da qısaldılması ilə bağlıdır. O zaman işçi qrupunun nümayəndələri Səyyad Kərimov, Elxan Əsədov beynəlxalq təcrübədən bəzi misallar gətirmişdilər. Mən də bu fikirlərlə razıyam ki, əslində, təklif olunan müddət kifayət qədər qısadır. Yəni biz hansısa kiçik bir tikintinin yox, bütövlükdə tikinti prosesi ilə, misal üçün, həm yol, həm metro tikintisi ilə, daha geniş miqyaslı tikintilərlə bağlı müddəti nəzərdə tutmuşuq. Ona görə hesab edirik ki, məcəllə layihəsində təklif olunan müddət kifayət qədər qısadır. Əslində, MDB məkanında qəbul edilmiş bu cür qanun və məcəllələrdə nəzərdə tutulan müddətlərdən ən qısasıdır. Eyni zamanda, təbii, müvafiq icra orqanları nəzərə almalıdırlar ki, bu müddətlər maksimum müddətlərdir və bunların icrası daha qısa zaman çərçivəsində mümkündürsə, tikintiyə icazə verilməsi həyata keçirilməlidir.
Hörmətli Fəzail Ağamalı “vahid pəncərə” prinsipi ilə bağlı təkliflər vermişdir. Bu məcəllə layihəsinin bütövlükdə mahiyyəti də məhz ondan ibarətdir ki, ərazi planlaşdırılmasından başlamış tikintinin təhvil verilməsinə qədər vahid bir pəncərə olsun və proses sadələşdirilsin. Amma bir sıra məsələlər yenə də qanunvericiliyin, məcəllənin tətbiqi ilə bağlı fərmanda öz əksini tapacaqdır.
Arif müəllim Rəhimzadə bələdiyyələrlə bağlı təkliflər vermişdir. Onlar məcəllədə öz əksini tapmışdır.
Cənab Sədr, Sizin bu məcəllənin 75.4. və 75.6-cı maddələri ilə bağlı təkliflərimiz var idi. Bunlar işçi qrupunda öyrənilmiş və Sizin təkliflər nəzərə alınaraq həmin maddələr yeni redaksiyada verilmişdir.
Millət vəkili Rafael Cəbrayılovun da 69-cu maddə ilə bağlı verdiyi təkliflər nəticəsində layihənin bu maddəsi yeni redaksiyada işlənib hazırlanmışdır.
Bir daha vurğulamaq istəyirəm ki, həm birinci oxunuşda, həm də komitələrin birgə iclasında millət vəkillərinin səsləndirdikləri fikirlərin, təkliflərin böyük əksəriyyəti məcəllə layihəsində öz əksini tapmışdır. İnanıram ki, indi ikinci oxunuşda da da çox maraqlı, konstruktiv fikirlər olacaqdır. Biz bu məsələləri üçüncü oxunuşa qədər öyrənib sizə məruzə edəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qanunvericiliyə uyğun olaraq ikinci oxunuşda layihəni əvvəlcə əsas kimi qəbul etməliyik. Xahiş edirəm, məcəllə layihəsini əsas kimi qəbul etmək üçün münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.35 dəq.)
Lehinə  92
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirələrdə iştirak etmək üçün 15 millət vəkili müraciət edib. Əgər etiraz etmirsinizsə, çıxışlar üçün 5 dəqiqə ayıraq ki, çox çıxış dinləmək imkanı olsun. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin dediyiniz kimi, həqiqətən, bu qanun layihəsinin müzakirəsi ilə əlaqədar yazılanlar çoxdur və yazılmaq istəyənlər də olacaq. Ona görə də konkret danışmaq istəyirəm. Hörmətli Əli müəllimin dediyi kimi, birinci oxunuşdan sonra, həqiqətən, bu qanun layihəsinin təkmilləşdirilməsi üçün çox işlər görülüb. Deputat həmkarlarımın bir çox təklifləri nəzərə alınıb. Ancaq elə bilirəm ki, ikinci oxunuşda da bu qanun layihəsi təkmilləşdirilməli və ciddi redaktə işi aparılmalıdır. Bəzi maddələr redaktə olunmalıdır. Bəzi maddələr elə bilirəm ki, birləşdirilsə yaxşı olar. Bəzi maddələrin isə ixtisar olunmasına ehtiyac var. Bir çox maddələr konkretləşdirilməlidir. Mən bir neçə nümunə ilə fikirlərimi izah etmək istəyirəm.
Məcəllə layihəsinin 13.1-ci maddəsində deyilir: “Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə ərazi planlaşdırılmasının bütün mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verməyə borcludur” . 13.2-ci maddədə də demək olar ki, bu fikir təkrarlanır: “Mühüm tikinti niyyətləri barədə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən ictimaiyyətə məlumat verilməlidir”. Yaxşı olmazmı ki, bu maddələr birləşdirilsin? Elə bilirəm ki, bunlar birləşdirilsə, daha yaxşı olar, çünki eyni fikirlər əksini tapır.
Digər tərəfdən, burada 17.3-cü maddədə belə bir cümlə var: “...insan ləyaqətinə uyğun ətraf mühitin təşəkkül tapmasına... xidmət etməlidir”. Burada ərazi planlaşdırılmasının təyinatından söhbət gedir. Ancaq mənə aydın olmadı ki, “insan ləyaqətinə uyğun ətraf mühit” nə deməkdir? Belə cümlələr redaktə olunmalıdır. Yəqin ki, nəzərdən qaçıb.
Bəzi maddələrin ixtisarına ehtiyac var, çünki bunlarda aksioma olan məsələlər əksini tapıb. Məsələn, 17.4-cü maddədə belə bir müddəa var: “Yerin təki və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır”. Bu aksiomadır, hər yerdə yazılıb, bizə məlumdur. Bunu maddə kimi buraya əlavə etmək... 17.5-ci maddədə yazılır: “Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır”. Bu da məlumdur.
Burada söhbət bir çox maddələrin konkretləşdirilməsindən gedir. Məsələn, 22.2-ci maddədə yazılır: “Baş planda aşağıdakılar nəzərdə tutula bilər”. Niyə nəzərdə tutula bilər, niyə nəzərdə tutulmamalıdır? Bunlar yazılsın. Elə bilirəm ki, burada “ola bilər”, “ola bilməz”, “nəzərdə tutula bilər”, “nəzərdə tutula bilməz” gələcəkdə kiməsə imkan verə bilər ki, bunları həyata keçirməsin.
96-cı maddədə tikintiyə nəzarətdən söhbət gedir. Burada, əlbəttə ki, dövlət nəzarəti çox vacibdir. Ancaq burada bir çox maddələr bələdiyyələrə də müəyyən səlahiyyətlər verir. Bələdiyyə ərazilərində tikintilər aparıla bilər və bələdiyyələrin özləri də tikinti apara bilərlər. Mən elə bilirəm ki, burada bələdiyyələrə müəyyən nəzarət funksiyası verilməlidir. Bu heç də o demək deyil ki, dövlət nəzarəti funksiyasını həyata keçirən orqanın əlindən bunu almaq və ya bələdiyyələrin buna maneçilik törətməsi nəzərdə tutulur.
Mənim digər bir təklifim də var. Respublikada yarımçıq sənədləşdirilməmiş tikintilər çoxdur. Bir çox insanlar binalarda yaşayırlar. Bu gün həmin binaların qaz, su təminatı hələ yerinə yetirilməyib. Mən istərdim ki, müəyyən şəkildə bu münasibətlər aydınlaşdırılsın və həmin işlər başa çatdırılsın.
Mən yenə deyirəm, bu məcəlləni çox mühüm və əhəmiyyətli hesab edirəm. Bunun lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülçöhrə xanım Məmmədova, buyurun.
G.Məmmədova. Təşəkkür edirəm, cənab Sədr. Çox təəssüf edirəm ki, çıxış müddəti 5 dəqiqə oldu. Təəssüf ki, komitələrdə müzakirə zamanı Milli Məclisdə olan mütəxəssislər bu müzakirələrə dəvət edilmirlər. Düşünürəm ki, dəvət olunsaydıq, orada biz öz peşəkar iradlarımızı və fikirlərimizi bildirərdik. Bu da layihənin daha peşəkarlıqla hazırlanmasına kömək edərdi.
Bütövlükdə layihə çox yaxşı hazırlanıb, çoxdan bəri gözlənilən, aktual bir sənəddir. Amma vaxt az olduğuna görə birbaşa təkliflərimə keçməyə çalışacağam.
3-cü maddədə və bütövlükdə layihədə tez-tez “mədəni irs obyektləri” anlayışından istifadə olunur. “Mədəni irs obyekti” deyəndə, adətən, bina, hansısa bir abidə nəzərdə tutulur. Amma indi söhbət şəhərsalmadan gedirsə, Şəhərsalma və Tikinti Məcəlləsində “tarixi mühitin qorunması” anlayışı mütləq olmalıdır. İndi müasir dövrdə bütün dünyada, beynəlxalq təşkilatların, YUNESKO-nun sənədlərində “tarixi landşaftlar” anlayışı var. Bu daha geniş, dolğun anlayışdır. Beləliklə, 3.0.1-ci maddədə “ətraf mühitin” sözlərindən sonra “tarixi landşaftın və mədəni irs obyektlərinin mühafizəsi” sözlərinin yazılmasını təklif edirəm.
Həmin maddənin 3.0.11-ci bəndində “bina” anlayışına verilən təsnifatla hər bir tikiliyə bina demək olar. Amma belə deyil. Bina yalnız bir həcmi olan tikilidir. Məsələn, avtobus dayanacağı bu təsnifata uyğundur, yalnız bina deyil. Ona görə də mütləq burada “həcm-fəza quruluşuna malik olan” sözləri əlavə edilməlidir.
3.0.41-ci maddədə “tikintiyə sifariş almış” sözlərindən sonra “müəyyən maliyyə resurslarına malik olan hüquqi və fiziki şəxs” sözlərinin yazılmasını təklif edirəm.
3.0.43-cü maddədə “podratçı” anlayışı verilir. Əvvəla, “podratçı” sözü rus dilindəki “podrat” sözündən irəli gəlir. Yəqin ki, “icraçı” sözü ilə çox rahat əvəz oluna bilərdi. Bu maddədə, “həyata keçirən” sözlərindən sonra “müvafiq texniki və kadr potensialına malik hüquqi və fiziki şəxs” sözləri yazılsa, mənə elə gəlir ki, daha düzgün olar.
III fəsildə də 7.0.5-ci maddədəki sözlərin “tarixi landşaftların” sözləri ilə əvəz olunmasını təklif edirəm. 12-ci maddədə “mədəni irs obyektlərinin qorunması” əvəzinə “tarixi landşaftların qorunması” yazılmasını daha məqsədəuyğun hesab edirəm və komitədə bu məsələyə baxılmasını təklif edirəm.
V fəslin 22.6-cı maddəsinin “Tikintinin miqyası, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı ərazinin şəhərsalma tələbləri nəzərə alınmaqla” kimi yazılmasını təklif edirəm. Ardınca isə “tikinti və tikinti sıxlığı əmsalları vasitəsi ilə müəyyən edilir” sözləri qalsın. Açıqlama verməyə artıq zaman yoxdur, amma əgər bunu dinləmək üçün ehtiyac duyulsa, fikrimi əsaslandıra bilərəm.
38-ci maddədə kompensasiya barədə söhbət gedir. Burada heç bir məbləğ barədə söhbət yoxdur. Əlbəttə, qanunda hansısa bir rəqəmi göstərə bilmərik. Amma bu məbləğin bazar qiyməti ilə nə dərəcədə uyğun olması barədə, mənə elə gəlir, mütləq bir müddəa yazmaq lazımdır ki, gələcəkdə bununla bağlı problemlər əmələ gəlməsin.
VIII fəslin 47.2-ci maddəsində “Bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, ixtisası, peşəkarlığı və maddi-texniki bazası” sözləri fiziki şəxsə aiddir, amma hüquqi şəxsə yalnız “maddi-texniki bazası” sözləri aiddir. Həmin hüquqi şəxsin mütəxəssisləri olacaq, olmayacaq? Bu barədə heç bir söhbət getmir. Mənə elə gəlir ki, bunu redaktə etmək lazımdır. Çox təəssüf edirəm, vaxtım bitir. Mənim hələ təkliflərim, iradlarım çoxdur. Amma onları deyə bilməyəcəyəm, yazılı şəkildə komitəyə verərəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Gülçöhrə xanım. Təkliflərinizi yazılı şəkildə verin. Amma tək Sizin yox, bütün deputatların diqqətinə çatdırıram ki, Milli Məclis komitəsinin iclasları bütün Milli Məclis üzvləri üçün açıqdır. Milli Məclis komitəsi iclaslarının vaxtı bütün komitə sədrlərinə deyilir və iclas gedən yerlərdə elan vurulur. Bunu hamı bilsin. Heç dəvət olunmayan da, kimin marağı varsa, komitə iclaslarında iştirak edə bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məlumat verilir, mən ona görə deyirəm. Yəqin, Sizə çatdırmayıblar. Leyla Abdullayeva, buyurun.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu gün Azərbaycan regionun lider dövlətidir və sürətli sosial inkişaf nəticəsində bütün sahələrdə bir intibah dövrünü yaşayır. İctimai həyatın istənilən sahəsində canlanma, yüksək zövqlə fəaliyyət göz önündədir. Həm paytaxtımız Bakı şəhərində, həm də regionlarda tikinti sektorunda fəallıq müşahidə olunur. Ölkədə tikinti sferasına aid yüzlərlə yeni unikal və müxtəlif layihələr yüksək səviyyədə həyata keçirilir. Bütün bunların hamısı birbaşa ölkə rəhbərliyinin müvafiq sahədə mövcud olan siyasətinin özəl sektora qayğısının, regionlara diqqətinin birbaşa nəticəsidir.
Elə cənab Prezident İlham Əliyevin təmsil etdiyim Sumqayıt şəhərinə səfərləri də dediklərimizə bir sübutdur. Belə ki, səfərlər zamanı bir sıra layihələrlə yanaşı, Sumqayıt şəhər parkının yenidən qurulması, Kimya-sənaye parkının yaradılması və genişləndirilməsi ilə bağlı məsələlər öz həllini tapdı. Bir sözlə, Azərbaycanın hər bir nöqtəsində bu gün artıq mövcud obyektlərin yenidən qurulması, tarixi və mədəni abidələrin təmiri, yeni memarlıq nümunələrinin icrası həyata keçirilməkdədir. Qeyd edilənləri nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinin hazırlanmasını alqışlayıram.
Eyni zamanda, məcəllə layihəsi ilə bağlı bir təklifim və bir qeydim var. Təklifim ondan ibarətdir ki, məcəllə layihəsinin 7-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri sırasına daha bir prinsip, milli və yerli memarlıq xüsusiyyətlərinin şəhərsalma və tikinti fəaliyyətində nəzərə alınması prinsipi əlavə edilsin. Hesab edirəm ki, istənilən ölkə nə qədər inkişaf etsə də, modernləşsə də, öz milli xüsusiyyətlərini bütün sahələrdə saxlamalıdır. Qədim memarlıq ənənəsi, memar Əcəmi kimi memarları olan ölkəmizdə tikinti sahəsində bu ənənələrə əsaslanmaq lazımdır. Məsələn, bu gün biz hər hansı bir şəhərin, ölkənin videogörüntülərini, fotolarını görərkən artıq bilirik ki, bu, Pribaltika ölkələrinin görüntüləridir, bu isə Orta Asiya ölkələrinin. Yəni məlumatsız olsaq belə, ornamentlərdən, memarlıq üslublarından şəhəri tanıyırıq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Muğam Mərkəzi, Xalça Muzeyi bu barədə əsl nümunə ola bilər. Bu mərkəzin arxitekturasında istifadə olunmuş prinsiplərdən nə üçün başqa bir bina və obyektlərin tikintisində istifadə edilməsin? Təklifim eyni ilə bölgələrdə yerli memarlıq xüsusiyyətlərinin nəzərə alınması ilə bağlıdır. Məsələn, Şəkidə məşhur olan şəbəkədən niyə bu gün də istifadə edilməsin? Məsələn, turistləri cəlb etmək üçün şəbəkə üslubu ilə tikilmiş bir restoran, qonaq evi nə qədər maraqlı olardı.
Digər tərəfdən mümkün olacağı təqdirdə bəzi ölkələrin təcrübəsinə uyğun xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin binaları milli memarlıq üslubuna uyğun şəkildə tikilsə çox yaxşı olardı. Əlbəttə, məcəllə layihəsinə təklif etdiyim bu prinsipin, məsələn, özəl şirkətlər tərəfindən bütün hallarda nəzərə alınmasını tələb edə bilmərik. Lakin bir sıra hallarda, xüsusilə tarix və mədəniyyət abidələri ilə müəyyən qonşuluqda yerləşən dövlət və ya ictimai əhəmiyyətli binaların tikintisində bu prinsipin tələblərinin nəzərə alınması çox yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, məcəllənin layihəsi üzərində ciddi iş aparılıbdır və bütün texniki parametrlər müasir standartlara uyğun nəzərə alınmaqla işlənibdir. Düşünürəm ki, bu məcəllə qəbul edildikdən sonra tikinti sahəsində aparılan işlər həm keyfiyyətinə görə fərqlənəcək, həm də kəmiyyətinə görə. Amma burada məni narahat edən bir məsələ var. Layihənin 4–5-ci maddələrində çox ciddi məsələlər qoyulur. Amma sonrakı maddələrdə, fəsillərdə bunların bəzilərinin davamı yoxdur. Bütün texniki məsələlər öz həllini tapır, xüsusi fəsillər var və fəsillərdə məsələlər çox incəliklə aydınlaşdırılır. Amma bir sıra məsələlər, məsələn, 4.2.5-ci maddədə hüquqi tənzimlənmə, 5.1.4-cü maddədə tikintiyə icazənin verilməsi, 5.1.7-ci maddədə tikintiyə nəzarət, 5.1.9-cu maddədə tikintinin qəbul edilməsi, 5.1.10-cu maddədə ciddi məsələlərdən biri – istismara icazənin verilməsi kimi məsələlər sonrakı fəsillərdə nəzərə alınmır. Məsuliyyət kimin üzərinə düşəcək? Bu məsələlərdə bir aydınlıq yoxdur.
Bu gün əhalidə ciddi narahatlıq doğuran və dövlət üçün ciddi problem yaradan məsələlərdən biri budur ki, bəzi tikinti şirkətləri icazələri alırlar, guya tikintiyə başlayırlar. Sonra məlum olur ki, bir mənzili 10–15, bəzən 20 vətəndaşa satıblar, amma əslində isə heç bir tikinti də aparılmır, mənzillər də verilmir. Sonra onlar cinayət təqibinə məruz qalırlar, həbs olunurlar, amma vətəndaşların problemi qalmaqda davam edir və vətəndaşlar haqlı olmayaraq dövlətdən narazı qalırlar. Ona görə ki, bəzi aidiyyəti qurumlar bu hüquqi tənzimlənmə, tikintiyə nəzarət və yaxud da tikintinin qəbul edilməsi məsələlərində nədənsə qanunun onlara verdiyi səlahiyyətlərdən istifadə etmirlər. 1–2 il proses gedir, 2 ildən sonra məlum olur ki, heç bir tikinti aparılmamışdır. Bəs buna nəzarəti kim həyata keçirirdi?
47.4-cü maddədə “sifarişçi” və eyni zamanda, “podratçı” anlayışı var. Amma sifarişçinin funksiyaları, səlahiyyətlərinə aid olan ən vacib məsələlərdən biri maliyyə məsələsidir. Tikintiyə icazə alan təşkilat hesab açır, həmin hesaba vəsaitlər köçürülür. Şübhəsiz ki, tikinti aparan təşkilat bunu satmaqla maliyyə vəsaitləri əldə edə bilər. Amma birinci, bunun maliyyəsinə nəzarət olmalıdır ki, ümumiyyətlə, bu şirkət tikintini başlayıb, qanunda göstərilən standartlar səviyyəsində başa çatdırıb təhvil verə biləcəkmi, yoxsa yox? Yəni məsələnin bu tərəfi nədənsə layihədə dıqqətdən kənarda qalıb. Bunun məsuliyyətini kim daşıyacaq? Bu məsələ də kənarda qalıb. Mən hesab edirəm ki, buna diqqət yetirilməlidir. Mən bununla bağlı bir faktı da misal gətirim.
2006-cı ildə hökumətin və Bakı Şəhər İcra Hakimiyyətinin qərarı və sərəncamı ilə Milli Məclisin deputatları üçün tikilən binanın 1-ə 10 kompensasiya verilməklə əvəzi ödənildi. Yeddinci ilə keçir, amma bu tikinti başa çatdırılmayıb. KAT Ltd deyilən bir şirkət, onun da rəhbəri var və dövlətin verdiyi külli miqdarda vəsaiti israf etməklə məşğuldur. Yeddi ildir bu adam özü üçün gəzir və şirkət də özü üçün istədiyi qanunsuzluqları edir. Bəs bunun məsuliyyətini kim və nə vaxt soruşacaq? Ona görə də mən düşünürəm ki, müvafiq qurumlar bu məsələni araşdırmalıdır. Dövlətin vəsaitinin haraya xərcləndiyi soruşulmalıdır. İndi qəbul edəcəyiniz layihədə isə bu məsələlər tam ciddiyyəti ilə nəzərə alınmalıdır ki, sabah vətəndaşlar dövlətdən narazı qalmasınlar. Başlanılan hər bir iş başa çatdırılsın və sahibkarlıq fəaliyyətinə də bu cür dələduzlar kölgə salmasınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən qaldırdığınız bir məsələni deyim. Həmin tikilən evin tikintisi haqqında başqa qərar qəbul olundu. Kooperativdə iştirak edən və pul ödəmiş millət vəkillərinin 80 faizi öz kompensasiyalarını aldılar və tikintidən vaz keçdilər. Qalan hissənin də kompensasiyasını verməyə hazırdırlar, ancaq biz kompensasiyanı qəbul etmək istəmirik. Həmin binanın deputatlar üçün yenidən tikilməsini istəyirik. İstəyirəm biləsiniz ki, deputatlar hamısı kompensasiyanı tam şəkildə alıb, 10 faizi qalıb. Bunu da versələr, bizim həmin kooperativlə əlaqəmiz bitir. Ancaq biz istəyirik ki, kooperativ işini davam etdirsin. Ağalar Vəliyev buyursun.
A.Vəliyev. Hörmətli Sədr, hörmətli həmkarlarım! Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi çox mükəmməl və peşəkarlıqla hazırlanmış sənəddir. Milli Məclisin təsdiqinə təqdim olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi şəhərsalma və tikintinin bütün sahələrini, incəliklərini özündə əks etdirməklə hazırlanmışdır. Bu layihəni hazırlayanlara öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Doğrudan da, son zamanlar respublikamızda çox böyük miqyaslı tikinti-quraşdırma və abadlıq işləri aparılır. Bakı şəhəri, rayonlarımız günü-gündən gözəlləşir. Aparılan böyük miqyaslı tikinti işlərinin gedişi zamanı belə bir məcəllənin qəbul olunmasına ciddi ehtiyac vardır. Bu baxımdan son illərdə müxtəlif tikinti norma və qaydaları işlənərək qəbul edilmişdir ki, bunların da hamısı tikintinin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bununla yanaşı, təqdim olunmuş layihədə bəzi məqamlara diqqət yetirilməsini məqsədəuyğun hesab edirəm. Təbii ki, mən də bu layihənin lehinə səs verəcəyəm. Bu layihəni hazırlayanlar çox sağ olsunlar ki, bizim də təklif və iradlarımızı nəzərə alıblar.
3.0.16-cı maddədə “müvəqqəti tikili” anlayışı belə verilir: “torpaq üzərində yerləşdirilən, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb sökülən tikili”. Təklif edirəm ki, bunlar tikinti obyektlərinin təchizatı, işçilərin sosial-məişət şəraitlərinin təşkili, qonşuların və tikinti ərazisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tikinti başa çatdıqdan sonra sökülməsi nəzərdə tutulan bina, qurğu və mühəndis kommunikasiya təminatı sistemləri kimi nəzərə alınsın.
3.0.25-ci maddədə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tərifi verilib: “şəhərsalma və tikinti fəaliyyətinə dair qaydaları, standartları, layihələndirmə şərtlərini və texniki normaları, o cümlədən tikinti obyektlərinin təhlükəsizliyi ilə bağlı tələbləri müəyyən edən texniki normativ hüquqi aktlar”. Təklif edirəm ki, normativ tikinti, iqtisadi şəhərsalma və tikinti sənədləri, şəhərsalma və tikinti fəaliyyətinə dair qaydaları, standartları, layihələndirmə şəraitlərini və texniki normaları, o cümlədən bina və qurğuların təhlükəsizliyi ilə bağlı tərəfləri şəhərsalma və tikinti fəaliyyətinə dair qiymətqoyma meyarlarını və normalarını müəyyən edən normativ hüquqi sənədlər toplusu kimi nəzərə alınsın.
3.0.41-ci maddədə sifarişçi anlayışı verilir: “tikintiyə icazə almış hüquqi və ya fiziki şəxs”. Təklif edirəm, belə yazılsın: “tikintiyə icazə almış, tələb olunan layihə və smeta sənədlərinin hazırlanmasını, bu sənədlər əsasında podratçı və yaxud podratçılarla bağlanmış müqavilələr əsasında işlərin yerinə yetirilməsi və tikintisi başa çatmış işlərin qəbulunu təmin edən hüquqi və fiziki şəxslər”. Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinə dair fikirlərimi bildirməmişdən öncə bir məsələyə diqqət çəkmək istərdim. Son illər ölkəmizdə gedən iqtisadi-sosial inkişaf istər paytaxtımızda, istərsə də regionlarda əhalinin həyat şəraitinin yüksəldilməsində əsaslı rola malik olub. Qeyd etdiyim kimi gedən inkişaf, aparılan tikinti, abadlaşdırma, yenidənqurma işləri yalnız paytaxtımızı deyil, bütövlükdə respublikamızı əhatə edir. Bu baxımdan şəhərsalma və tikinti ilə bağlı müasir tələblərə cavab verən, müasir standartlarla səsləşən bir məcəllənin qəbulu zamanın tələbidir. Bu baxımdan bütün həmkarlarımın müzakirə edilən məsələlərə olduqca həssas yanaşmaları da təbiidir.
Mən ilk növbədə tikilən və hələ də sənədləşdirilməmiş evlərin məsələsinə münasibət bildirmək istərdim. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə keçirilən və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bu məsələyə toxunulmuşdur. Həmin müşavirədə möhtərəm Prezidentimiz bildirmişdir ki, bu evlərin sənədləşdirilməsi istiqamətində mexanizm müəyyənləşdirilməli və həmin evlərə sənədlər verilməlidir. Bu gün həqiqətən də sənədsiz evlərdə yaşayan insanlar böyük çətinliklərlə üzləşirlər. Bu məsələ ilə bağlı müəyyən bir qərarın qəbulu vacibdir. Fikrimcə, artıq uzun müddətdir ki, yaşayışı olan evlərə sənəd vermək mümkündür. Bu məsələyə diqqət çəkmək istərdim.
Məcəllə layihəsinə gəldikdə isə, fikrimcə, sənəd müasir dövrümüzün tələblərinə cavab verir. Bununla yanaşı, bir neçə məqamı qeyd etmək istərdim. Birinci məqam odur ki, məcəllə layihəsinin 6-cı maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətləri göstərilmişdir. Düşünürəm ki, bu maddələrə bələdiyyə ərazisində tikilən tikililərin bələdiyyələr ilə razılaşdırılması haqqında bənd əlavə olunmalıdır, çünki tikintilər bələdiyyələrin ərazilərində həyata keçirilir. Şəhərin abadlaşdırılmasında bələdiyyələrin iştirakını nəzərə alsaq, bu bəndin əlavə olunmasını vacib sayıram.
Layihənin 23-cü maddəsində müfəssəl planda nəzərdə tutulanlar arasında mülki müdafiə sığınacaqları ilə bağlı bir kəlmə də yoxdur. Fikrimcə, müfəssəl planın hazırlanması məsələsində bu məqama mütləq şəkildə diqqət yetirilməlidir. Müharibə vəziyyətində yaşamağımızla yanaşı, hər hansı bir təhlükə anında bu, ən vacib şərtə çevrilən məqamlardandır.
Qeyd etmək istərdim ki, ən əsas məqamlardan biri yeni tikilən binaların arasındakı məsafə məsələsidir. Düzdür, məcəllə layihəsində bu məsələ vurğulanıb, amma bu məqama xüsusi diqqət yetirib məsafələri normalara uyğun etmək lazımdır. Bu gün həmin binalarda hər hansı bir yanğın hadisəsinin qarşısının alınması olduqca böyük problemə çevrilir. Hətta bəzi binalar bir-birinə o qədər yaxındır ki, oraya təcili yardım maşınları belə girə bilmir.
Qeyd etmək istədiyim başqa bir məqam tikinti ərazilərinin seysmoloji baxımdan tam öyrənilməsinin təmin edilməsi məsələsidir. Bildiyiniz kimi, ölkəmizdə seysmoloji cəhətdən aktiv bölgələrimiz az deyil. Paytaxtımızın bəzi hissələri də seysmoloji aktiv bölgələrdən sayılır. Bu baxımdan həmin ərazilərdə tikilən binaların hündürlüyü, mərtəbəsi, özülünün möhkəmləndirilməsi üçün normalara diqqətlə baxılması olduqca vacibdir. Məcəllə layihəsində “mansard” anlayışı verilib, amma “zirzəmi” anlayışı toxdur. Düşünürəm ki, bu məsələyə də fikir vermək lazımdır.
Bir daha qeyd etmək istəyirəm ki, müzakirə olunan məcəllə layihəsi müasir Avropa standartlarına uyğun şəhərsalma və tikinti aparmağa imkan verir və sənəd müfəssəl xarakter daşıyır. Layihəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mən belə bir təklif etmək istəyirəm. Layihəni səsə qoyaq, ancaq çıxış etmək istəyən 8 deputat təkliflərini versin. Layihənin üçüncü oxunuşunda onlara birinci söz verilsin. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkliflərini versinlər, üçüncü oxunuşda siyahıda qalan 8 millət vəkilinə ilk söz veriləcək. Bildiyiniz kimi, layihənin ikinci oxunuşudur. Məcəllə layihəsi 18 fəsil, 106 maddədən ibarətdir. Əgər etiraz yoxdursa, fəsilləri səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, I-VI fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 18.04 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun. VII-XII fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 18.04 dəq.)
Lehinə  99
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 1 
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun. Nəhayət, XIII-XVIII fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 18.05 dəq.)
Lehinə  102
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0 
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nəhayət, məcəllə layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 18.05 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, məcəllə layihəsi qəbul edildi. Əli müəllim, verilən təkliflərə baxılsın, əgər çatdıra bilsəniz, onda gələn iclasımızda layihənin üçüncü oxunuşunu da keçirərik. Çox sağ olun. Növbəti iclas haqqında xəbər veriləcək.


 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU