02.11.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ

PROTOKOLU № 47

Milli Məclisin iclas salonu.
2 noyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 116 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 107
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Fazil Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.

* * *

Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.

* * *

Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Namiq Qulamov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Hüquq sektorunun müdiri.
Fikrin Bektaşi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspert hüquqşünası.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Fazil Mustafa, Zahid Oruc, Etibar Hüseynov, Siyavuş Novruzov, İqbal Ağazadə, Sahib Alıyev, Asim Mollazadə, Məlahət İbrahimqızı

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Eyvazov, Fazil Mustafa, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Azay Quliyev, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

2. “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

3. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Rafael Cəbrayılov, Aydın Mirzəzadə, Etibar Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 2
İştirak edir 86
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Tahir Rzayev, Mübariz Qurbanlı, Fazil Mustafa, Zahid Oruc, İqbal Ağazadə, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.22 dəq.)
Lehinə 104
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Tahir Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layi-həsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.26 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov, Fazil Mustafa, İqbal Ağazadə, Leyla Abdullayeva, Siyavuş Novruzov, İlham Məmmədov, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Mübariz Qurbanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.24 dəq.)
Lehinə 105
Əleyhinə 5
Bitərəf 1
Səs verməd 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.25 dəq.)
Lehinə 106
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.26 dəq.)
Lehinə 103
Əleyhinə 5
Bitərəf 1
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

12. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Nizami Cəfərov, Bahar Muradova, Jalə Əliyeva, Ziyafət Əsgərov, Leyla Abdullayeva, Aqil Abbas, Rəbiyyət Aslanova, Asim Mollazadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.37 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–33-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.02 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Təklif: 34–62-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.03 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.03 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV


 

MİLLİ  MƏCLİSİN  İCLASI

2 noyabr 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 107
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik.
Bu gün Milli Məclisdə Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının onuncu iclası və bu tədbir çərçivəsində müzakirələr, rəsmi görüşlər keçirilir. Bəzi millət vəkilləri-miz oradadır.
Gündəlik hamınıza paylanıb. 12 məsələdir. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılsınlar. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son vaxtlar Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunması ilə bağlı həm Avropa Şurası, həm də Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən addımlar atıldı. Bu gün bunun tezləşdirilməsi məsələsi gündəmdədir.
Mən əvvəllər hesab edirdim, hakimiyyət bu qanunu qəbul eləməyə hazır deyil. Amma indi tam qətiyyətlə söyləyirəm ki, Azərbaycan mətbuatı bu qanunun qəbul olunmasına hazır deyil. Mətbuatda baş alıb gedən təhqirlər, şantaj, böhtan kampaniyaları daha da vüsət almaqdadır. Xüsusilə parlamentə qarşı o qədər hədyanlar, həqarətlər səslənir ki… Bizim mətbuat xidməti bir dəfə də olsun Mətbuat Şurasına müraciət eləmir ki, bu parlamenti nə qədər aşağılamaq olar? Ola bilsin, bir deputata kiminsə münasibəti mənfidir. Ona görə hamını söyməlisiniz?
Xüsusilə “Azadlıq” qəzetinin bu istiqamətdə fəaliyyəti cəmiyyətdə ikrah doğurur. Mən onun fəaliyyəti ilə bağlı Mətbuat Şurasına müraciət eləmədim. Amerika Birləşmiş Ştatlarının səfirliyinə məktub hazırlamışam ki, yetişdirdiyiniz uşaqlara, heç olmasa, etika qaydalarını öyrədin. Öyrədin ki, cəmiyyətdə insanları bu qədər aşağılamaq olmaz.
Məncə, bu məsələyə Milli Məclis səviyyəsində münasibət bildirilməlidir. Milli Məclis haqqında dərc olunan təhqir xarakterli yazılara dərhal münasibət bildirib, bu qəzetlərin reket qəzeti, böhtançı qəzet olduğunu ortaya qoymaq lazımdır. Bu, iqtidar mətbuatına da aiddir, müxalifət mətbuatına da.
İkinci məsələ. Azərbaycanda çox pis bir ənənə yaranmağa başlayıb. Kim ki xeyirxaq bir iş görür, hər tərəfdən üzərinə düşüb linç eləməyə başlayırlar. Baxın, bu günlərdə Vahid Mustafayevin “Xoca” filmi ərsəyə gəldi və beynəlxalq festivallarda nümayiş etdirildi. Xocalı faciəsi ilə bağlı çəkilmiş bir filmdir. Əlbəttə, bu filmdə peşəkarlıq nöqteyi-nəzərindən müəyyən çatışmazlıqlar ola bilər. Amma o, dünyanın bir çox ölkələrində nümayiş olundu və insanlar Azərbaycan həqiqətləri barədə fərqli auditoriyalarda məlumat əldə elədilər. İndi bir var deyəsən ki, filmdə nə isə xoşuma gəlmir, peşəkarlıq azdır, bir də var, bu filmi, ümumiyyətlə, silməyə, insanın bu istiqamətdə zəhmətini sıfıra endirməyə çalışasan. Bu, yanlış bir yanaşmadır. Sanki bir cinahda bir millətin, digər cinahda başqa millətin təmsilçiləri durublar.
Hansı yaxşı, xeyirxaq addım atılırsa, onu mütləq qaralamalıdırlar. Başqa bir həyat tərzindən film çəkəndə dərhal deyirlər ki, milli-mənəvi dəyərlərimizə ziddir. Bu xalqın faciəsindən film çəkilib, nümayiş etdirilib. Bunun nəyi pisdir, onu niyə qaralayırsınız?
Mənim fikrimcə, bu məsələlərə vaxtında münasibət bildirməsək, bu qaragüruh, həqiqətən, tüğyan eləyib Azərbaycanı bürüyəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çox yaxşı bir məsələ qaldırdınız. Həqiqətən, bizdə elə mətbuat orqanları var ki, Azərbaycan haqqında, millət haqqında yalnız neqativ fikirlər yaymaqla məşğuldurlar. Xaricdə isə bəzi qüvvələr bundan Azərbaycana müəyyən təzyiqlər göstərmək üçün istifadə edirlər.
Bir misal deyim. Bu yaxınlarda Azərbaycanın nümayəndə heyəti Kvebekdə Parlamentlərarası İttifaqın toplantısında iştirak elədi. Bizim bir istəyimiz var idi. İstəyirdik, Azərbaycan Avropa qrupuna daxil olsun və biz 1889-cu ildə yaranmış bu böyük parlament ittifaqının 2014-cü ildə toplantısını Azərbaycanda keçirək. Nümayəndə heyətimiz Kvebekdə bununla bağlı bütün sualları cavablandırdı, arzularını bildirdi. Hələ iclas başlamamışdan qabaq Almaniyanın köhnə spikeri, Belçikanın bir deputatı, Niderlandın bir deputatı Azərbaycana qarşı təşviqat aparmağa başladılar. Buna baxmayaraq, səsvermənin nəticəsi xeyrimizə oldu: 29 səs lehinə, 25 əleyhinə, 3 bitərəf. Yəni Azərbaycan səsvermədə qalib gəldi. Ancaq yenidən ortaya nə atdılar? Vacib məsələlər olanda bunlar üçdə iki səsə keçirlər. Reqlamentdə belə məsələ yox idi. Həmin o adamların təkidi ilə qərara alındı ki, səsvermə üçdə iki ilə sayılır və ona görə Azərbaycan nümayəndə heyətinin təklifi bu dəfə keçmir. Yəni bu nümunədə biz artıq Azərbaycana münasibəti görürük. Amma bütün bunların kökü də bizim özümüzdədir. Bizim öz içimizdən yazanlar, pozanlar Azərbaycanı gətirib belə vəziyyətə salırlar. Onlar özləri istəyirlər ki, bizə qarşı müəyyən təzyiqlər olsun.
Mən tam səmimi deyirəm, Azərbaycan dövləti, onun başçısı heç bir təzyiqdən çəkinmir, heç bir təzyiqdən qorxmur. Azərbaycan necə müstəqil siyasət aparırsa, eləcə də aparacaq. Biz, millət vəkilləri də hər yerdə, hər bir beynəlxalq təşkilatda heç bir şeydən çəkinməyərək öz sözümüzü axıra kimi deməli, öz mövqelərimizi qorumalıyıq.
Fazil müəllimin qaldırdığı məsələlərə gəlincə, onunla mən də razıyam. Mətbuat xidmətinə tapşıracağam ki, bu məsələlərdə çox diqqətli olsunlar. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, mən ilk növbədə Sizin fikirlərinizə qoşulur və eyni zamanda, həmkarım Fazil bəyin də irəli sürdüyü fikirləri, mövqeləri dəstəkləyirəm. İş ondadır ki, əslində Azərbaycanda bəzi media orqanlarının arxasında dayanan siyasi qüvvələrin dəst-xəti on illərdir, belədir. Bunun üçün nə Dalay Lamanın, nə də mayya təqviminin dünyanın sonu haqqında açıqlamalarını gözləməyə ehtiyac var. Onlar illər ərzində sonun başlanğıcı, başlanğıcın sonu haqqında ən uydurma proqnozlarını verməkdədirlər. 2000-ci ilin qəzetini açın, eyni üslubdur, eyni arqumentlərdir. Amma bu, baş vermir. Azərbaycanda sözün məsuliyyəti yoxdur. Əslində, mənim bu sözlərim onların olmayan aksiyasına mükafat kimi olacaqdır. Amma, görünür ki, 1 ayda, 2 ayda bir dəfə bu mükafatı biz verməliyik.
Dünyanın hər yerində sərbəst toplaşmaq, doğrudan da, konstitusion hüququn gerçəkləşməsidir. Amma bizdə, bu, sərbəst vuruşmaq, sərbəst toqquşmaq azadlığı kimi təzahür eləyir. Nədir onların daşıdığı dəyər? Bunlar bütün mövqelərini virtual məkanda nümayiş etdirməkdədirlər. Bütövlükdə təhqir, söyüş, şantaj, diversiya və sabotaj. Hiss olunur ki, bunlar bolşevizm təmayülünü bütövlükdə mənimsəyiblər. Siz baxın, görün bunlar hansı davranışı bu gün Azərbaycan hakimiyyəti əleyhinə yönləndirməkdədirlər. Bu, əsl bol-şevizm deyil, nədir? Məsələn, 20 mindən yuxarı maşınlıların hamısını düşmən hesab eləyin. Yəni bunların sahibləri artıq düşməndir. 30 mindən yuxarı ev sahibinin hamısını bu millətin düşməni hesab eləmək, cəmiyyətdə bu cür sosial intiqamı təbliğ eləmək, stimullaşdırmaq, bilmirəm, hansı qüvvələrin ağlına gələrdi. Mənim aləmimdə heç Leninin özü də iqtisadi diversiya əməllərini seçərkən öz tərəfdarlarına, bolşeviklərinə bu yolu göstərməmişdir.
Biz bu gün “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişiklikləri müzakirə edəcəyik. Mən hesab edirəm ki, bu yöndə hər hansı dartışma və fikir mübadilələri təbii olsa da, ortaq bir məxrəcin, konsensusun tapılmasına ehtiyac var. Amma kimlərsə ümid etməsinlər ki, hakimiyyət qollarını iflic edəcək, onlara qara yaxaraq vətəndaş itaətsizliyi yaradacaq və özlərinə üstün bir şərait əldə edəcəklər.
Azərbaycanın resursları genişləndikcə, büdcə imkanları artdıqca sanki ölkənin qiyməti artır, bu region uğrunda savaşın şiddəti dərinləşir və ona sinxron ölkədaxili qüvvələrin mübarizəsi meydana çıxır. Qanlarını belə tökməyə hazırdırlar ki, hər hansı hakimiyyət qolunu ləkələsinlər və bununla da iqtidar üzərinə hücum üçün bəhanə əldə eləsinlər. Mən…
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Oqtay müəllim, bayaq Siz də qeyd etdiniz, biz uzun müddət ayrı-ayrı iclaslarda, çıxışlarda ölkəmizə qarşı yürüdülən ikili standartlardan çox danışırıq. Ancaq bizim ölkə daxilində də özünəməxsus ikili standartlar yürüdülür. Mən bunu xüsusilə mətbuata aid eləyirəm. Bir cinahın nümayəndələri istədiklərini yaza, danışa bilirlər, iqtidarı, onun nümayəndələrini təhqir eləyə bilirlər və sonunda həm suçlu, həm güclü olurlar. Digər tərəfsə ağzını açıb bir kəlmə danışmamış böyük bir ajiotaj yaradılır.
Bu yaxınlarda Facebook səhifəsində Sahil Kərimli öz müstəqil fikirlərini ifadə eləmişdi. Bir hay-küy saldılar, az qaldı dünyanı ayağa qaldıralar. Ancaq özlərinin mətbuatında bütün parlament, hətta parlamentdə fəaliyyət göstərən xanımlar ağır şəkildə təhqir olunur. Bunu o hay-küy qaldıran insanlar adi bir şey hesab edir, öz müxbirlərinə bir dayan demir, bir iplərini çəkmirlər.
Müxalifət mətbuatında elə bir nömrə yoxdur ki, iqtidar nümayəndələrinin, ayrı-ayrı nazirlərin övladları heç bir əsas, sübut, dəlil olmadan ən kəskin şəkildə təhqir olunmasınlar. Ancaq bir müxalifət nümayəndəsinin qızı qəza törədib, insan öldürübdür, insan can verəndə təcili yardım çağırmaq əvəzinə onu al qan içində götürüb öz yerində əyləşdirib və hadisə yerindən qaçıb gizlənibdir. Bunun haqqında danışanda indi də ondan siyasi dustaq düzəltmək istəyirlər. Bunlar parlamenti təhqir edir, parlament xanımlarını təhqir edirlər, heç kəs səsini qaldırmır.
İki il bundan əvvəl televiziyada, mətbuatda danışanda seçicilərimizə deyirdik ki, biz sizin hüquqlarınızı belə müdafiə edəcəyik, belə çıxış edəcəyik, sizin yanınızda olacağıq. Amma bu gün çox təəssüf, məlum olur ki, parlamentin bir sıra üzvləri nəinki seçicilərinin, heç öz hüquqlarının, öz mənafelərinin müdafiəsinə qalxıb səslərini qaldırmırlar. Ona görə də mən bayaq Fazil bəyin söylədiyi fikirlərə şərik çıxır və bildirmək istəyirəm ki, biz parlament olaraq o qaragüruhun qarşısında dayanmalı, öz fikirlərimizi deməkdən çəkinməməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarlarımın dediyi fikirlərə qoşuluram. Doğrudan da, Azərbaycanın qüdrəti artdıqca, iqtisadiyyatı inkişaf etdikcə həm daxildən, həm də xaricdən Azərbaycana qarşı təzyiqlərin artmasının şahidi oluruq. Xüsusilə də bəzi dövlətlərin təhriki ilə ortada fəaliyyət göstərən insanlar nədənsə yatır, yatır, birdən oyanır və yadlarına düşür ki, bunların sərbəst toplaşmaq hüquqları da var və bundan da istifadə edə bilərlər.
Bunların başında duranların, əslində, bir çoxu vaxtilə bu parlamentin üzvü olmuş, bu parlamentdən bəhrələnmiş, bu parlamentin verdiyi müxtəlif səlahiyyətlərdən istifadə edərək müəyyən imkanlar əldə etmiş insanlardır. Görünür, parlament üçün darıxıblar, istəyirlər, gəlib onun yanından bir keçsinlər, bir boylansınlar, baxsınlar, görsünlər ki, vəziyyət nə yerdədir. Özləri də şahid oldular ki, nə cəmiyyət, nə təbiət, nə də Allah bunların sərbəst toplaşmaq hüququndan istifadə etməsini istəyir. Hava şəraitinə baxanda görünürdü ki, təbiət də bunların əleyhinədir. Bunların xisləti o qədər çirkin xislətdir ki, təbiət də bunu qəbul eləmir və onların keçib getdiyi yolları təmizləməklə məşğuldur.
Mən hesab edirəm ki, bu insanlar bir ibrət dərsi götürməlidir. Bir neçə gün bundan əvvəl Fəvvarələr meydanında bunların etdikləri nə idi? 5–6 uşağı öyrədib ötürüblər meydana. Gizlənqaç oyunundakı kimi, hərəsi bir tərəfdən çıxıb qışqıra-qışqıra qaçır. Nədənsə bu partiya liderlərinin, partiya rəhbərlərinin heç biri indiyə qədər sərbəst toplaşmaq azadlığın-dan istifadə edəndə öyrədib küçələrə çıxardığı, yoldan azdırdığı insanların qarşısında olmur. Hərəsi öz qərargahında gizlənib məqam gözləyir. Bu bir daha göstərir ki, 16 oktyabrda bir qisim insanları yanlış yola yönəldib küçələrə çıxaranlar, – sonra neçəsi həmin insanların törətdiyi əməllərdən peşman olmuşdu, – bu əməllərdən əl çəkmir, xüsusilə gənc nəslin tərbiyəsinə çox böyük təsir göstərirlər. Siyahıya baxanda görürsən ki, bu gənc nəslin nümayəndələri kimdir – birinin oğlu, birinin bacısı oğlu, birinin qardaşı oğlu, birinin xalası oğlu, birinin başqa bir qohumu. Yəni bir neçə adamın ailə üzvlərinin sərbəst toplaşmaq azadlığından söhbət gedirsə, gedin oturun evinizdə, bu hüququ həyata keçirin. Daha küçədə nə işiniz var? Niyə başqa yerdə bu toplaşmanı həyata keçirib insanların istirahət hüququnu, digər hüquqlarını pozursunuz?
Fazil müəllimin qəzetlərlə bağlı dediyinə gəlincə, mən hesab edirəm ki, Oqtay müəllim, ilkin intizam tədbiri ondan ibarət olmalıdır ki, parlamentin əleyhinə yazan mətbuat orqanı əgər parlamentdə akkreditasiya olunubsa, müəyyən müddət ərzində o akkreditasiyadan məhrum olunmalıdır. Nə vaxt düzələr, onda parlamentə buraxılar.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən başqa məsələ barədə çıxış edəcəkdim, amma deputat həmkarlarımın çıxışları məni bu mövzu ətrafında çıxış etməyə vadar etdi. Mən Azərbaycanda nə mətbuat səhifələrində, nə çıxışlarda, nə də parlamentdə kimlərinsə təhqir olunmasının, kimlərinsə aşağılanmasının heç tərəfdarı deyiləm. Heç vaxt, heç yerdə bunu etməmişəm və etməyəcəyəm də. Çünki bu, əslində bir davranış norması ilə yanaşı, həm də bir siyasi məsuliyyətdir.
Amma bu gün mətbuatın üzərinə gedənlər, indi Azərbaycanda söz və mətbuat azadlığının verdiyi imkanlardan yararlanan müxalif mətbuat orqanlarının olduğunu deyənlər və bu mətbuat səhifələrində təhqir olunduqlarını iddia edənlər heç düşünürlərmi ki, “Müsavat” və “Azadlıq” qəzetlərinin təkcə məhkəmə çəkişmələrindən, özü də zorən olan məhkəmə çəkiş-mələrindən nə qədər cərimələri var, mətbuat hansı gündədir, mətbuatın arxasında dayana bilirikmi, bilmirikmi?
Biz diffamasiya haqqında qanunun qəbul edilməsini dəfələrlə istəmişik. Bəli, demokratiyaya keçid, demokratik cəmiyyət quruculuğu həm də bir az dözümlülük, səbr istəyir. Azərbaycan mətbuatında şəxsən mənim iqtidar mətbuatı tərəfindən dəfələrlə təhqir olunduğum olub. Amma heç birini məhkəməyə verməmişəm. Heç birinin də arxasınca gedib sonradan onun cərimələnməsini və yaxud məhkəmə çəkişməsində hansısa bir şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını istəməmişəm. Sadəcə, ona görə istəməmişəm ki, bu gün Azərbaycanda demokratik cəmiyyət quruculuğunu istəyənlər həm də bir az dözümlü olmalıdırlar ki, zaman-zaman bunların hamısı öz yerini alsın.
Mətbuatın üzərinə getməkdənsə və kimlərisə daha sərt danışmaqda, qarşı tərəfi təhqir etməkdə ittiham etməkdənsə bir az da özümüzə baxaq. Burada çıxış edən millət vəkillərinin böyük əksəriyyəti Azərbaycan müxalifəti haqqında, Azərbaycan müxalifətinin fikir və düşüncələri haqqında dəfələrlə təhqiramiz ifadələr işlədiblər. Bəs bunu kimin ayağına yazaq? Hansı cavab verilirsə, hansı mövqe ifadə edilirsə, ona uyğun adekvat mövqe ifadə olunur.
Cəmiyyətdə barış və normal mühitin, vətəndaş həmrəyliyi mühitinin, vətəndaş birliyi mühitinin yaradılmasının böyük məsuliyyəti Azərbaycan müxalifətinin üzərində deyil, Azər-baycan iqtidarının üzərindədir. Azərbaycan iqtidarı buna şərait yaratmalıdır.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanundan danışırıq. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan iqtidarı “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarına nə vaxt riayət eləyib ki, indi o müddəaların pozulması barədə danışırsınız? Niyə Bakı Şəhər İcra Hakimiyyətinin pozduğu qanunlara görə məhkəmələrin biri də bircə dəfə olsun ədalətli qərar çıxarmayıb, amma Avropa məhkəmələrinin hamısı nəticə etibarilə Azərbaycan müxalifətinin verdiyi iddiaları təmin eləyib?
Sədrlik edən. Sağ olun. Hamınız diffamasiya haqqında qanundan danışırsınız. Azərbaycan 21 ildir, öz müstəqilliyini qazanıb. Ancaq Avropanın 51 ölkəsindən 25-də diffamasiya haqqında qanun qəbul olunmayıb. Biz hamıdan qabağa keçdik? Biz dedik, bu qanun müzakirə olunmalıdır, baxılmalıdır. Hələ diffamasiya haqqında qanun qəbul olunmayıb, mətbuatda bu qədər təhqirlər, cəfəngiyatlar yazılır, gör, qanun qəbul olunandan sonra nə olacaq. Bizim cəmiyyətimiz buna hazır olmalıdır. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən diqqəti tamamilə başqa bir məsələyə yönəltmək istəyirəm. Son yarım əsrdə ilk dəfədir ki, Amerikada keçirilən Prezident seçkilərində erməni lobbisi deyilən bir qurum proseslərdən kənarda qalır. Erməni mediasında artıq bununla bağlı geniş müzakirələr gedir. Ekspertlər çevrəsində konfranslar keçirilir, səbəblər araşdırılır. Amma nədənsə mənim dəyərli jurnalist həmkarlarım bəzən elə də ictimai-siyasi yük daşımayan adi bir qalmaqalı gündəmdə saxladıqları, o yana-bu yana çevirdikləri halda bu məsələ haqda, demək olar ki, bir cümlə də yazmırlar.
Nədən, necə oldu ki, birdən-birə nə respublikaçıların, nə də hazırda prezident olan demokratların namizədi Amerikadakı erməni lobbisinin maraqlarını nəzərə almadı? Nə baş verdi, maraqlarmı dəyişdi, prioritetlərmi dəyişdi, erməni lobbisimi zəifləyib? Xeyr, bunların heç biri baş verməyib. Bəs onda nə baş verib? O baş verib ki, Azərbaycan dövləti diaspor quruculuğu sahəsində əsl uğurun nə olduğunu, erməni lobbisinə qarşı mübarizənin nə olduğunu ortaya qoyur.
Cənab Prezidentin elan etdiyi hücum diplomatiyasının burada artıq öz təsirini göstərdiyini biz açıq-aydın görürük. Bu proses bu gün baş verməmişdir. Bu proses erməni lobbisi Bakıda Eurovision musiqi yarışmasının keçirilməsinə maneçilik törətmək istəyəndə və bu alınmayanda baş vermişdi. Bu proses Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçiləndə baş vermişdi. Bu proses Azərbaycan ordusunun zabiti Macarıstandan Azərbaycana gətirilib əfv ediləndə baş vermişdi.
Hər kəs bilir ki, hansı proseslərin arxasında erməni lobbisi durur. Hər kəs bilir ki, bütövlükdə ermənilərin xarici siyasəti ya onların ayrı-ayrı havadarlarının siyasətindən, ya da ancaq lobbisinin siyasətindən ibarətdir. Yəni Ermənistandakı xuntanın siyasəti Ermənistan sərhədlərindən kənara çıxa bilmir.
Mənə elə gəlir ki, bu fakt özlüyündə diqqətçəkici faktdır. Bəzən bizim əcnəbi həmkarlarımız bu faktdan çıxış edib ölkələrindəki erməni lobbisinə dayanaraq hansısa məsələni nəzərə çatdırmaq istəyəndə diqqətə çatdırılmalıdır ki, lazım gələndə Ermənistan lobbisinin maraqları heç nəzərə alınmır və biz bunu bilirik. Bu lobbidən bir daha alver predmeti kimi istifadə edilməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən başqa mövzuda danışmaq istəyirdim. Lakin həmkarlarımızın qaldırdığı məsələlər məni mövzunu dəyişməyə vadar etdi.
Azərbaycan tarixən etnik və dini tolerantlığa malik ölkə və xalq kimi tanınır. Dünyada da artıq bu qəbul olunur. Amma çox istərdim ki, Azərbaycanda müəyyən qədər siyasi tolerantlıq ənənələri də formalaşsın. Mediada bəlkə kiminsə xoşuna gəlməyən, çox vaxt mənim də xoşuma gəlməyən məqalələr yazılır. Amma bir dözümlülük olmalı, tolerantlıq olmalıdır. Azad sözün, azad fikrin təməli bundan ibarətdir. Demokratik cəmiyyəti hətta cəmiyyətin əksəriyyətinin xoşuna gəlməyən fikirləri ifadə etmək azadlığı yarada bilər.
Bu gün mən təklif edirəm ki, biz “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna cərimələrlə bağlı dəyişikliklər edilməsi barədə məsələni gündəlikdən çıxaraq. Əslində, bu təkliflər müəyyən qədər Rusiyadan əsən soyuq rüzgarların təsiridir. Bilirsiniz ki, Rusiya bu yaxınlarda keçirilmiş seçkidən sonra qanunsuz aksiyalarda iştiraka görə çox yüksək cərimələr müəyyənləşdirdi. Nə oldu, bununla nəyin qarşısını ala bildi?
Düşünürəm ki, Azərbaycanda sərbəst toplaşmaq hüququnu təmin etmək üçün müəyyən yerlər ayrılmalıdır. Tək siyasi yox, ictimai qüvvələr, hətta lap münəccim də gəlib parkda danışdığı kimi istənilən vaxt gedib orada öz fikirlərini ifadə etsin, toplaşsın, danışsın. Bu tolerantlıq ənənələrini biz siyasətə gətirməliyik. Əks halda ölkənin imicinə xələl gələ bilər.
Düşünürəm ki, bu cərimələrlə bağlı təkliflər Azərbaycan dövlətinin demokratik imicinə xələl gətirir, real olaraq isə heç bir nəticə vermir. Heç bir nəticə verməyən və ölkənin imicinə xələl gətirən düzəlişlərdən biz vaz keçməli və bu gün bu məsələni müzakirədən çıxarmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Asim müəllim, Siz deyirsiniz ki, yer ayrılsın. Bəyəm yer ayrılmayıb? Beş dənə yer ayrılıb. Yer ayrılmayıb demək düzgün deyil. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlarım! Mən fikrinizi bu yaxınlarda Ermənistanın Metsamor atom elektrik stansiyasının istismar müddətinin bitməsinə baxmayaraq yenidən 2023-cü ilə qədər uzadılması ilə bağlı qərarın qəbul olunmasına yönəltmək istəyirəm. Artıq bir neçə ildir ki, beynəlxalq təşkilatlarda, xarici mətbuatda və eləcə də MAQATE-də Ermənistanın Metsamor atom elektrik stansiyasının istismarının təhlükəli olması dönə-dönə təkrar edilir. Hətta Avropa strukturları da bu məsələyə ciddi münasibət nümayiş etdirir.
Bu günlərdə Çernobıl ƏS-in sabiq baş direktor müavini Aleksandr Kovalenko bildirib ki, Ermənistanda Türkiyə sərhədindən iyirmi və Azərbaycan sərhədindən yetmiş neçə kilometr məsafədə olan bu atom elektrik stansiyası bölgə üçün hədsiz dərəcədə təhlükəlidir. Xüsusilə xarici mətbuatda onun əhalidən başqa Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər beynəlxalq layihələr üçün çox ciddi təhlükə olduğu yazılır.
Amma oktyabrın 18-də hətta Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirinin iştirakı ilə onun istismar müddətinin 2023-cü ilə qədər uzadılmasına qərar verilib. Artıq xarici mətbuat və beynəlxalq təşkilatlar buna kəskin mövqeyini bildirib. Türkiyənin xarici işlər və enerji nazirləri də çox kəskin münasibətlərini bildiriblər. Hesab edirəm ki, biz də beynəlxalq təşkilatlara, xüsusilə MAQATE-yə müraciət etsək, çox yaxşı olar.
İkincisi, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və orada bir separatçı dövlət qurub. Bu gün Birləşmiş Millətlər Təşkilatının üzvü olan Sakit okean ölkələrində, 10-15 minlik əhalisi olan bu cırtdan dövlətlərdə Qarabağın tanıdılması ilə bağlı böyük işlər aparılır. Bunun nəticəsidir ki, bu yaxınlarda Tuvaluda və daha bir neçə belə ölkədə müxtəlif çirkin yollarla həm Qarabağın, həm də Osetiya və Abxaziyanın müstəqilliyinin qəbul etdirildiyi parlamentlərdə müvafiq qərarlar qəbul edilib. Mən düşünürəm ki, biz parlament olaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələrin parlamentlərinə ayrıca məktublar göndərsək, yaxşı olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım. Bu sözdə bir həqiqət var ki, ermənilər son vaxtlar dövri mətbuatda fəallaşıblar. Ancaq Siz erməni mətbuatına baxmayın, beynəlxalq mətbuata baxın. Deyirlər ki, Avstraliyada parlament qərar qəbul edib. Tamamilə yalan söhbətdir. Heç bir ölkə nə Dağlıq Qarabağın, nə Osetiyanın, nə də Abxaziyanın tanınması üzrə heç bir hərəkət eləmir. Hansısa qruplar nə isə danışırlar, ancaq belə şey hələ ki yoxdur və mən inanmıram ki, olsun. Sizin sözünüzlə razıyam, lazım olan tədbirlər vaxtında görülməlidir. Həm diplomatik korpus, həm də parlament üzvlərimiz həmişə bu istiqamətdə işləyirlər, bu işi də davam etdirməlidirlər.
Mən təklif edirəm ki, bununla müzakirələrimizi qurtaraq, –gündəlikdə məsələlərimiz çoxdur, – keçək gündəliyə. Bildiyiniz kimi, bu gün gündəlikdə birinci məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatıdır. Azərbaycan Respublikası daxili işlər nazirinin müavini hörmətli Vilayət Eyvazov buradadır. Xahiş edirik, koordinator kimi öz çıxışını təqdim eləsin.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, insan alverinin qarşısının alınması və onu doğuran səbəblərin aradan qaldırılması müasir dövrdə dünya birliyi qarşısında duran vacib vəzifələrdən biridir. Son 12 ildə bu sahədə çoxşaxəli sosial-iqtisadi və hüquqi tədbirlər həyata keçirilmiş, ikitərəfli və çoxtərəfli sənədlər imzalan-mışdır. Məlum Palermo Protokolu 142 ölkə tərəfindən ratifikasiya olunmuş, daha 128 ölkədə insan alverinin istənilən formasını qadağan edən qanunvericilik aktları qəbul edil-mişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, hər il dünyada 21 milyona yaxın insan bu cinayətin qurbanına çevrilir, onlardan 14,2 milyonu məcburi əməyə, 4,5 milyonu cinsi istismara məruz qalanlardır. Qurbanların 54,5 faizi, o cümlədən seksual istismara cəlb olunanların 98 faizi qadınlar, 26,3 faizi isə azyaşlılardır.
Əksər dövlətlərdə həyata keçirilən milli strategiyalar və fəaliyyət planları götürülmüş öhdəliklərin yerinə yetirilməsində müsbət təmayülləri şərtləndirmişdir. Əgər 2009-cu ildə dünyada insan alveri ilə bağlı 5606 cinayət işi başlamışdısa, 2010-cu ildə bu göstərici 6017 olmuş, ötən il isə 7909-a yüksəlmişdir. Həmin müddətdə 124 mindən çox qurban müəyyən edilmiş, məhkəmələr tərəfindən 12 minə yaxın şəxs barədə ittiham hökmləri çıxarılmışdır.
İnsan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə də sözügedən cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqları-nın bərpası, sosial reabilitasiyası və təhlükəsiz repotriasiyasını təmin etmək istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur.
İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq hesabat ilində Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının döv-riyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla çətin həyat şəraitində yaşayan şəxslərə döv-lət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial xidmət haqqında” Qanun qəbul edilmişdir.
Nazirlər Kabineti tərəfindən insan orqan və toxumalarının transplantasiyasının qaydaları və şərtləri, bu əməliyyatların həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siya-hısı, transplantasiya üçün insan orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanması qaydaları təsdiqlənmişdir. Cari ildə insan alverinə qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının implementasiyası ilə bağlı normativ hüquqi akt layihələri hazırlanıb aidiyyəti üzrə təqdim edilmişdir.
Diqqət çəkən məsələlərdən biri də hökumətin qərarı ilə insan alveri qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manata yük-səldilməsi olmuşdur. Qurbanlara təxirəsalınmaz tibbi, psixoloji və sosial yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur.
İlk növbədə qeyd edim ki, insan alverinə qarşı qeyri-hökumət təşkilatlarının son 3 ildə sayı xeyli artaraq 45-ə çatmış və qeyri-hökumət təşkilatları nümayəndələrinin bu sahədə peşəkarlığı nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Demək olar ki, bütün qeyri-hökumət təşkilatları insan alverinin mahiyyəti və doğurduğu təhlükələr haqqında ictimaiyyətin maarifləndirilməsi işinə böyük maraq və həssaslıqla yanaşmışlar. Belə ki, sərhəd və gömrük keçid məntəqələrində təyinat ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində, turizm şirkətlərində və digər aidiyyəti qurumlarda izahedici işlər aparılmış, xarici ölkələrin firmalarının əməkdaşları arasında müvafiq treninqlər keçirilmişdir. Respublikanın 53 şəhər və rayonunda kütləvi maarifləndirici tədbirlər təşkil olunmuş, onlarla təhsil müəssisəsinin müəllim-tələbə heyətinə mühazirələr oxunmuşdur.
Səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri 5 layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 33.500 manat qrant ayrılmışdır.
Həyata keçirilən profilaktik tədbirlərdə işçi qrupunun üzvü olan dövlət orqanlarının da əhəmiyyətli rolu qeyd edilməlidir. Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə birgə cari ilin aprel ayında Saatlı, Salyan, Neftçala, Ağcabədi və Beyləqan rayonlarında mədəni-kütləvi aksiyalar keçirilmiş, tədbirlərin iştirakçılarına maarifləndirici materiallar paylanmışdır. Uşaqların baxımsızlığına şərait yaradan səbəblərin aşkar edilib aradan qaldırılması yollarına dair sosial, hüquqi, pedaqoji və digər tədbirlər toplusu hazırlanıb yayımlanmışdır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili aparatının nümayəndələri insan alverinin qurbanları üçün sığınacaqda monitorinqlər keçirərək oradakı şəxslərin problemləri ilə yerində tanış olmuşlar.
Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və konsulluqları akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığın genişləndirilməsi, qurbanların ölkəyə qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində davamlı iş aparmış, vətəndaşlarımızın üzləşdiyi problemlər barədə aidiyyəti dövlət qurumlarını məlumat-landırmışlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, İnsan hüquqları üzrə müvəkkilin, Azərbaycan Uşaqlar Birliyinin, Miq-rasiya Mərkəzinin dəstəyi və maliyyə yardımı ilə müxtəlif mövzularda dəyirmi masalar, treninq və təlimlər təşkil edilmişdir. İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın artırılması məqsədi ilə qeyri-hökumət təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin, Bakı şəhərində fəaliyyət göstərən 15 turizm şirkətinin nümayəndələri üçün treninqlər keçirilmişdir.
Xüsusi polis qurumunun əməkdaşları ölkənin bir sıra televiziya kanallarında insan alveri ilə bağlı mövzulara həsr edilən teledebatlarda və ATƏT-in Bakı ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı, Amerika Vəkillər Assosiasiyası, Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan seminarlarda iştirak etmişlər. İnsan alverinin fəsadlarından bəhs edən sosial reklamlar respublikanın bütün şəhər və rayonlarının icra hakimiyyətlərinə göndərilərək regional telekanallar vasitəsilə yayımlanmışdır.
Cari ilin mart ayında isə, hörmətli deputatlar, sizin iştirakınızla Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin hüquq müşavirlərinin, Amerika Hüquqşünaslar As-sosiasiyasının Azərbaycan üzrə nümayəndələrinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyası mütəxəssislərinin iştirakı ilə insan alveri cinayətlərinin istintaqı mövzusunda respublikanın 28 polis orqanında seminarlar keçirilmişdir.
Hesabat dövründə digər dövlətlərin hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə də önəm verilmişdir. Ayrı-ayrı vaxtlarda Amerikanın Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı ofisinin nümayəndələrinin iştirakı ilə görülmüş işlərin müzakirəsi, fikir mübadiləsi aparılmışdır. ATƏT-in ekspertləri insan alverinin qurbanları üçün sığınacağın, “qaynar xətt” telefon xidmətinin fəaliyyəti ilə yerində tanış olmuşlar. Qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq məqsədi ilə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsrail, Litva və sair ölkələrin daxili işlər nazirlikləri ilə yaradılmış işgüzar münasibətlər də davam etdirilmişdir.
40-a yaxın ölkənin aidiyyəti dövlət orqanları ilə mövcud olan sazişlər çərçivəsində zəruri tədbirlər həyata keçirilmiş, onlardan və ayrı-ayrı beynəlxalq qurumlardan daxil olmuş otuza yaxın sorğu cavablandırılmışdır. Xüsusi polis qurumunun və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında Almaniya, Avstriya, Polşa, Çexiya, Bolqarıstan, Rusiya, Ukrayna və Moldovada təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Hörmətli millət vəkilləri, ölkəmizdə insan alverinə qarşı mübarizədə həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin təfərrüatlarına keçməzdən əvvəl ərazisi və əhalisi Azərbay-canla bu və ya digər dərəcədə eynilik təşkil edən Avropa dövlətlərində gedən proseslərin mənzərəsini qısaca xatırlatmaq istərdim. 2011-ci ildə insan alveri ilə bağlı İsveçrədə 233, Belçikada 170, Portuqaliyada 166, Avstriyada 65, Macarıstanda 34, Çexiya Respublikasında 19 cinayət işinin istintaqı tamamlanmışdır. Adları çəkilən ölkələrdə bu əməllərə görə bütövlükdə 533 nəfər məsuliyyətə cəlb olunmuş və 510 qurban müəyyən edilmişdir. İsveçrə hökuməti tərəfindən qurbanların müdafiəsinə və maarifləndirmə tədbirlərinə 1,5 milyon, Avstriyada 744 min, Çexiyada 250 min, Portuqaliyada 140 min, Macarıstanda 27 min Amerika dolları məbləğində vəsait ayrılmışdır.
Müvafiq sahədə qarşıda duran vəzifələrin ölkəmizdə də sistemli şəkildə yerinə yetirilməsi üçün insan alveri cinayəti subyektlərinin məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanmışdır. Cari ilin ötən 10 ayında həyata keçirilmiş əməliyyat-profilaktika tədbirləri nəticəsində 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə məhkum olunmuşdur.
Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən üçünün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmişdir. Hazırda 22 belə şəxsin axtarışı davam etdirilir. Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı isə ölkə daxilində cinsi istismara cəlb edilmişdir.
Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilmişdir. Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18 nəfərə isə kömək fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün qurbanlar müdafiəçilərlə təmin olunmuşlar.
İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlardan istifadə olunmaqla sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olmaları təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün yardım mərkəzinə, təhsil, səhiyyə və ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-sinə tibbi, 151-nə hüquqi, 112-sinə psixoloji yardımlar göstərilmiş, 50 nəfər işlə təmin edilmişdir.
Bütövlükdə insan alveri ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən hər il orta hesabla ayrılan 400 min manat vəsaitin böyük hissəsi qurbanların sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına, birdəfəlik müavinətlərin verilməsinə, insan alveri qurbanlarına yardım mərkəzi xərclərinin ödənilməsinə sərf edilir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar “qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 minə yaxın məlumat araşdırılaraq təşəbbüskarlara lazımi izahlar verilmişdir.
İnsanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınmışdır. Bununla belə, məcburi əmək hallarının müəyyən edilməsi məqsədi ilə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə keçirilən 5022 yoxlama zamanı işçilərə gecikdirilmiş əmək haqları üzrə 305.800 manat, dəymiş zərərə görə 27.700 manat, habelə 22.150 manat məbləğində sosial müavinət və kompensasiyalar ödətdirilmişdir. Müxtəlif inşaat sahələrində çalışan 10.845 işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir.
Dövlət Miqrasiya Xidməti 484 obyektdə yoxlamalar aparmışdır. 2 mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 nəfər hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür. Müxtəlif şirkətlərdə çalışan Türkiyə, Özbəkistan, Türkmənistan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması zamanı şikayətlərin, əsasən, əmək haqlarının gecikdirilməsi, tam ödənilməməsi və digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyənləşmiş, qaldırılan bütün məsələlər öz hüquqi həllini tapmışdır. Vətəndaşların və əcnəbilərin kənd təsərrüfatında məcburi əməyə cəlb edilməsi ilə əlaqədar alınmış siqnallar üzrə Şəmkir, Kürdəmir, Quba, Şəki, Qəbələ, İsmayıllı, Zaqatala, Salyan, Bərdə, Biləsuvar rayonlarında aparılmış monitorinqlərlə həmin cinayətin qurbanları müəyyən edilməmişdir.
Qeyd edilməlidir ki, Amerika Birləşmiş Ştatlarının Əmək Departamenti nümayəndəsinin bu ilin may ayında ölkəmizə səfəri zamanı Ağcabədi, Bərdə və Biləsuvar rayonlarında keçirdiyi monitorinqlər çərçivəsində uşaq əməyinin istismarı halı aşkar olunmamışdır. Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlən-məmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqa zidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanuna uyğun tədbirlər görülmüşdür.
Baxımsız, eləcə də müxtəlif səbəblərlə əlaqədar olaraq ailə tərbiyəsindən və pedaqoji təhsil vasitələrindən kənarda qalmış 100-ə yaxın uşağa və onların valideynlərinə Uşaq hüquqları klinikasında, Uşaq və Gənclərin Sosial Reabilitasiyası Mərkəzində hüquqi, psixoloji və digər yardımlar göstərilmişdir. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı uşaq polis otaqlarında qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.
Hörmətli millət vəkilləri, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, möhtərəm Prezidentin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək əlaqədar perspektiv planlara müvafiq korrektələr edilir.
Ancaq ayrı-ayrı beynəlxalq təşkilatların ötən il üzrə hesabatlarında əldə olunmuş müsbət nəticələrlə yanaşı, bir sıra çatışmazlıqların mövcudluğu, xüsusən qanunvericiliyə dəyişikliklər barədə təkliflərin vaxtında hazırlanıb təqdim edilməməsi, bəzi məhkəmə hökmlərinin yetərli olmaması, məcburi əməyin qurbanlarının tam müəyyən edilməməsi, maarifləndirici materialların hazırlanmasında bütün aidiyyəti dövlət qurumlarının iştirak etməməsi və sair iradlar da yer almışdır. Bu səbəblərdən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2011-ci il üzrə insan alverinə qarşı mübarizəyə dair hesabatında Azərbaycan ikinci nəzarət siyahısında qalmışdır.
Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatların icrası əksər hallarda müəyyən zaman tələb edən hər bir tövsiyəsinin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər görülür. Obyektiv iradlar aradan qaldırılır, nəticələri barədə təşəbbüskarlar ətraflı məlumatlandırılır və bir çox hallarda ikitərəfli görüşlər keçirilərək zəruri izahlar verilir. Bu istiqamətdə ölkəmizdə qeyri-hökumət təşkilatları, Amerikanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, insan alverinə qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının yerinə yetirilməsinə nəzarəti həyata keçirən Qreta Qrupu ilə birgə görülən işlər xüsusilə səmərəli və əhəmiyyətli olmuşdur.
Sözsüz ki, həyata keçirilən bu və digər tədbirlər hansısa dövlətin və ya beynəlxalq qrupun təqdirini qazanmaq naminə deyil, respublikada hüquq qaydasının, qanunçuluğun, insan hüquq və azadlıqlarının, bütövlükdə milli maraqların etibarlı təmin edilməsi sahəsində ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələrin tam yerinə yetirilməsinə, o cümlədən insan alveri kimi təhlükəli sosial təzahürə qarşı mübarizə standartlarının yüksəlməsinə yönəlmişdir.
Bu baxımdan növbəti hesabat dövründə insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması, hüquqi, siyasi və sosial-iqtisadi tədbirlərin daha məqsədyönlü icrası, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, risk qrupuna aid şəxslərin məlumatlandırma tədbirləri ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin, özəl sektorun, İnternet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması qarşıda duran əsas vəzifələrdən olaraq davamlı surətdə həyata keçiriləcəkdir.
Hörmətli millət vəkilləri, çıxışımın sonunda insan alveri ilə mübarizənin hüquq bazasının formalaşdırılmasında, ictimaiyyəti maarifləndirmə proseslərində göstərdiyiniz səylərə, eyni zamanda, səmərəli və işgüzar əməkdaşlığınıza görə sizlərin hər birinizə, o cümlədən vətəndaş cəmiyyəti və media nümayəndələrinə öz dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim, xahiş edirəm, əyləşin. Çıxış vaxtının 5 dəqiqə müəyyən edilməsinə etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, 5 dəqiqə. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, insan alverinə qarşı mübarizə ilə bağlı son illərdə beynəlxalq konvensiyaların da tələblərinə uyğun olaraq Azərbaycanda qanunvericilik bazası xeyli təkmilləşib və icra mexanizmləri artıq xeyli təcrübə qazanıblar. Əslində, bu sahədə baş verən neqativ hallara operativ bir münasibət ortaya qoyulur.
Hörmətli Vilayət müəllimin məruzəsində görülən işlər barədə kifayət qədər geniş, əhatəli məlumat verildi. Amma bu gün biz müzakirədə bu fəaliyyəti təqdir eləməklə yanaşı, bir məsələnin üzərinə gəlməliyik. Biz bu gün əslində nəticəni müzakirə edirik. Nəticədən öncə onu yaradan səbəblərin necə aradan qaldırılması məsələsi üzərində düşünməliyik. Vilayət müəllim çox doğru qeyd elədi ki, biz beynəlxalq təşkilatların təqdirini qazanmaq üçün yox, öz insanımızı həyata qaytarmaq üçün bunu ediriksə, onda mütləq bu problemləri həll etməliyik.
Bunun kökündə yoxsulluq və işsizlik durur. Məcburi əməyə cəlb olunmuş insanı və ya insan alveri qurbanını o fəaliyyətdən geri çəkəndən sonra onu həyata qazandırmaq üçün iş yeri açılmalı, müəyyən şərait yaradılmalıdır ki, o təzədən məcburi əməyə cəlb olunmasın və ya insan alveri qurbanına çevrilməsin. Bu mexanizm bizdə yetərincə işləmir. Bunun üzərində düşünməli, bu qurbanları yenidən cəmiyyətə qaytarmağın daha səmərəli yollarını tapmağı bacarmalıyıq. Hesab edirəm ki, bunun üçün indi səsləndirəcəyim təkliflərin nəzərə alınması məqsədəuyğun olardı.
Birinci, məcburi əməyə cəlb olunmaqla bağlı. Son 10 ayda cəmi iki məcburi əməyə cəlb olunma faktı aşkarlanıbdır. Əslində bu, real kəmiyyətdən xeyli azdır, ona görə ki, cəmiy-yətdə insanlar bu prosesə qoşulmurlar. Hamı bilir ki, harada nə baş verir, amma bunu öz problemi kimi qəbul eləmir. Bu həm insan alveri qurbanları, həm də avtomobil xuliqanlığı ilə bağlı məsələlərə aiddir. Hüquq mühafizə orqanlarına isə gərək operativ məlumat daxil olsun ki, hansısa məsələyə dərhal reaksiya verə bilsinlər. Məsələn, görürsən ki, filan nömrəli maşın qəza törədib 5 maşını pis vəziyyətə saldı və aradan çıxıb getdi, amma bilmirsən bu barədə dərhal hara məlumat verəsən. Ona görə də bu mexanizmi təkmil-ləşdirmək lazımdır. Bu baxımdan mən Bakının, digər şəhərlərin, rayon mərkəzlərinin görünən yerlərində operativ məlumat vermə tablolarının, reklam lövhələrinin asılmasını vacib sayıram.
İkinci, məcburi əməyə cəlb olunanların valideynləri ilə bağlı. Vilayət müəllim bu sahədə görülən tədbirləri qeyd etdi. Təbii ki, onların effekti var. Amma burada başqa tədbirlərin də həyata keçirilməsi mümkündür. Bəlkə hər ay, yaxud iki aydan bir o valideynlərlə bağlı bir ictimai qınaq yaratmaq məqsədi ilə ayrı-ayrı televiziya kanallarında müəyyən proqramlar verilsin ki, məsələn, valideyn uşağının məcburi əməyə cəlb olunmasına bilərəkdən göz yumub, məlumat verməyib və ya uşaq başqaları tərəfindən məcburi əməyə cəlb olunubsa, valideyn buna özü reaksiya verməyib. Düşünürəm ki, bu cür ictimai qınaqla müəyyən neqativ halları ortadan qaldırmaq mümkündür.
Üçüncü, burada qeyd olunur ki, 15 qeyri-hökumət təşkilatı Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb. Bu çox yaxşı haldır, stimullaşdırır. Qeyri-hökumət, xüsusilə də ixtisaslaşmış qeyri-hökumət təşkilatları bu işdə daha aktiv rol alırlar və bu, müsbət bir haldır. Amma bəlkə bunu da bir az genişləndirmək olar. İnsan alveri qurbanları ilə bağlı reportaj hazırlayan, yaxşı məlumatlar, faktlar ortaya qoyan media quruluşlarının da mükafatlandırılması bu işdə həmin qurumlara kömək etmiş olar.
Ümumiyyətlə, mən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qənaətbəxş hesab edirəm. Hesab edirəm, bu mübarizəyə hamı qoşulmalı, bü-tövlükdə cəmiyyət bu problemin ortadan qaldırılmasında maraqlı olmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə buyursun.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Vilayət müəllimin əhatəli məruzəsi, hesab edirəm ki, parlamenti ümumən qane etdi. Daxili İşlər Nazirliyi nümayən-dəsinin problemlə bağlı hərtərəfli təhlili bizim hər birimizdə bu istiqamətdə dövlətin gördüyü gərgin iş barəsində tam təsəvvür yaratdı.
Ölkəmiz müstəqillik qazandıqdan, dünya birliyinə inteqrasiya olunduqdan sonra, çox təəssüf ki, Azərbaycan cəmiyyətinə müsbət dəyərlərlə yanaşı, müəyyən neqativ hallar da daxil olur. Azərbaycan dövləti bu neqativ halların aradan qaldırılması üçün özündə olan təcrübə ilə dünya dövlətlərinin təcrübəsini birləşdirərək onlara qarşı qətiyyətlə mübarizə aparır.
İnsan alveri ilə bağlı neqativ hallar xaricdən Azərbaycana gəlmə məsələlərdir. Əlbəttə ki, sovet dövründə Azərbaycanın bu məsələdə bir təcrübəsi yox idi. Bütün məsələləri yenidən və Azərbaycan spesifikasına uyğun öyrənmək lazım gəlir.
Hesabat göstərdi ki, bu istiqamətdə Azərbaycan çox səmərəli işlər görür və bu işlər təkcə dövlətin bu sahədə fəaliyyətindən ibarət deyildir. Mənə çox xoş gəldi ki, hörmətli daxili işlər nazirinin müavini Azərbaycanda qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı fəalların, cəmiyyətin ziyalı təbəqələrinin bu istiqamətdə mətbuatla sıx əlaqədə işlədiklərini göstərdi. Bu sahədə həm Azərbaycan təcrübəsindən danışdı, həm də xarici ölkələrin təcrübəsindən yararlandıqlarını vurğuladı.
Bir qənaətə gəlmək olur. Azərbaycan vətəndaşında, çətinliyə düşən vətəndaşda bu problemdə artıq dövlətin ona etibarlı bir tərəfdaş olduğu təəssüratı yaranır. Dövlət və cəmiyyət bu problemdən qaçmır, problemi həll etməyə çalışır və bu məsələdə təkcə dövlətin inzibati resurslarından deyil, eyni zamanda, cəmiyyətin imkanlarından və ən başlıcası adət-ənənələrimizdən səmərəli istifadə etməyə çalışır.
Mənim hesabatla bağlı bir neçə təklifim vardı, ancaq həmin təkliflər Vilayət müəllimin məruzəsində artıq nəzərdə tutulan və yaxud fəaliyyətdə olan istiqamət kimi göstərildi. Mən hesabatı məqbul hesab edirəm. Hesab edirəm ki, bu istiqamətdə dövlətin gördüyü işlər səmərəlidir və insan alveri kimi çox dəhşətli və xoşagəlməz bir halın Azərbaycanda ayaq tutub yeriməsinə heç bir halda imkan verilməyəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Məclis! Mən də bu hesabatın normal, yəni real vəziyyəti əks etdirən bir şəkildə hazırlandığı fikrindəyəm. Mən Dünya Azərbaycanlıları Konqresinin xətti ilə və diasporla işləyən bir adam kimi tez-tez xarici ölkələrdə olur və iş axtaran miqrantların vəziyyətini tez-tez müşahidə edirəm. Bunun insanlıq üçün nə boyda faciə olduğunun dəfələrlə şahidi olmuşam.
Daxili işlər nazirinin müavini Vilayət bəy son illər artıq bir neçə dəfədir bu məsələ ilə bağlı məruzələr edir. Burada bir meyl açıq duyulur ki, ildən-ilə Azərbaycanda insan alverinə qarşı mübarizə güclənir, genişlənir və mümkün vasitələrdən istifadə imkanları axtarılır.
Ümumiyyətlə, qanunvericiliyin təkmilləşdirilməsi, insan alveri qurbanlarına verilən birdəfəlik müavinətin məbləğinin son iki ildə 30 manatdan 400 manata qaldırılması, məcburi əməyə cəlbetmə faktına görə cinayət işlərinin başlanması və məhkəməyə göndərilməsi bu hesabatda düzgün əks etdirilib. Bunu, ümumiyyətlə, yüksək qiymətləndirmək lazımdır.
Məruzədən göründüyü kimi, Azərbaycanın dövlət strukturlarının insan alverinə qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə, müxtəlif qurumlarla birgə işləməsi, onların fəaliyyətlərinin əlaqələndirilməsi son dərəcə mühümdür və diqqəti cəlb edən cəhətdir. Çünki bunun qarşısını yalnız hüquq mühafizə orqanlarının gücü ilə almaq olmaz. Cəmiyyət bura hökmən cəlb olunmalıdır. Bu məsələ ilə bağlı son illərdə bir neçə tədbirlərdə, o cümlədən televiziyada, teatrlarda qoyulan tamaşalarda, ictimaiyyətlə görüşlərdə iştirak etmişəm. Bunların nə qədər əhəmiyyətli olduğunu da görürəm. Çünki adamları bu məsələ ilə bağlı məlumatlandırmaq son dərəcə mühümdür.
Amma eyni zamanda, bu sahədə bizi narahat edən bir sıra məsələlər də var ki, onlar diqqətə çatdırılmalıdır. İlk növbədə müştərək müəssisələrin xətti ilə gəlib Azərbaycanda işlədilən Türkiyə, Türkmənistan, Özbəkistan, Hindistan və sair ölkələrin vətəndaşlarının hələ də Azərbaycanda qeyri-qanuni, qeydiyyatdan kənar fəaliyyət göstərməsi nəzərə çatdırılmalıdır. Çünki əmək bazarı xaricilər tərəfindən zəbt olunanda bizim öz adamlarımız işsiz qalırlar. Azərbaycanda kifayət qədər işsiz var və o işləri bizimkilər də görə bilərlər. Amma ucuz olsun deyə müəyyən ölkələrdən işçilər gətirib Azərbaycanda qeyri-qanuni işlədirlər.
İnsan alverinə qarşı mübarizə sahəsində görülən tədbirlərin daha səmərəli olması üçün mən də bir neçə təklif vermək istərdim. Mənə elə gəlir ki, bizə bu işdə Daxili İşlər Nazir-liyi, Dövlət Miqrasiya Xidməti, Vergilər Nazirliyi daha yaxından kömək göstərməlidir. Bəlkə bunların ortaq bir fəaliyyət proqramının hazırlanmasında xeyir ola bilər.
İkinci, məncə, Nazirlər Kabinetində ölkəyə işləməyə gələn işçilərin sayını müəyyənləşdirən bir kvota var. Əgər o kvota varsa, ona ciddi nəzarət edilməlidir. O kvotada göstəriləndən artıq işçilərin, həm də peşəkar olmayan adamların Azərbaycana gətirilməsinin qarşısını almaq lazımdır. Sənədsiz fəaliyyət göstərənlərin sənədləşdirilməsi, qeydə alınması və təbii ki, müxtəlif şəkildə vergiyə cəlb olunması da son dərəcə vacibdir.
Ümumiyyətlə, quldarlıq dövründən qalan insan alveri, köləlik hər bir cəmiyyət, hər bir xalq üçün üz qaralığıdır. Tarixən də Azərbaycanda heç quldarlıq olmayıb. Biz çalışmalıyıq ki, insanlığa ləkə olan bu problem Azərbaycanda yayılmasın və vaxtında onun qarşısı alınsın. Məncə, Daxili İşlər Nazirliyi bu işin öhdəsindən uğurla gəlir və bu iş davam etdirilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat mənsubları! Bu gün çox önəmli bir hesabatı biz dinlədik. Fürsətdən istifadə edib hesabatı hazırlayan hörmətli Vilayət  Eyvazova təşəkkürümü bildirmək istəyirəm. Çünki hesabat kifayət qədər aydın, geniş, ətraflı hazırlanmışdır. Hesabatda Azərbaycan dövlətinin və müvafiq qurumlarının insan alveri ilə mübarizə sahəsində konkret işi öz əksini tapmışdır.
Hesabatı şərti olaraq iki yerə bölmək olar: profilaktik sahədə görülən işlər və müəyyən qanunda nəzərdə tutulan tədbirlərin görülməsi. Cinayət fəaliyyəti ilə bağlı görülən işlərin üzərində xüsusi dayanmaq istəməzdim. Baxmayaraq ki, hörmətli Vilayət müəllim burada da çox maraqlı, önəmli məsələlərə toxundu. İl ərzində 85 faktın müəyyənləşdirilməsi və onlarla cinayət işinin açılması, konkret məhkəmə işlərinin ortada olması, əlbəttə ki, çox vacib bir haldır.
Amma bizi narahat edən məsələlərdən biri budur ki, azyaşlıların bu işə cəlb olunmasında artıq valideynlərin də məsuliyyəti açıq şəkildə ortadadır. Bununla bağlı konkret işlər görülür, 200-ə yaxın valideyn haqqında müvafiq materiallar toplanaraq aidiyyəti qurumlara göndərilib. Mən bunu təqdir edirəm. Hesab edirəm ki, gələcəkdə bu sahədə iş daha da gücləndiriləcəkdir.
Eyni zamanda, digər dövlət qurumlarının və beynəlxalq təşkilatların fəaliyyətinin bu istiqamətdə daha çevik, daha effektiv şəkildə yönləndirilməsi çox vacib məsələdir. Burada təkcə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, yaxud Daxili İşlər Nazirliyi fəaliyyət göstərməməli, digər qurumlar da əsas tərəfdaş olaraq öz töhfəsini verməlidir.
Xüsusi təqdir edirəm ki, bu illər ərzində “qaynar xətt” tam şəkildə istifadəyə verilib, uşaqlar üçün zəruri avadanlıqla təchiz edilmiş sığınacaqlar yaradılıbdır. Əlbəttə, bunlar, hesab edirəm ki, profilaktik tədbirlər sırasına aid edilməlidir.
Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu idarə son illərdə vətəndaş cəmiyyəti institutları ilə çox yaxşı əməkdaşlıq edir və bu istiqamətdə konkret uğurlarımız var. Mən çox sevinirəm ki, artıq Azərbaycanda insan alveri ilə mübarizə sahəsində 45 qeyri-hökumət təşkilatı var və bu təşkilatlarla, habelə onların əlaqələndirici qurumu olan İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası ilə yaxından əməkdaşlıq edilir. Mən xüsusi təqdir edirəm ki, onların fəaliyyəti də Daxili İşlər Nazirliyi tərəfindən qiymətləndirilir. Təxminən 10 gün bundan öncə hörmətli Vilayət müəllim bu koalisiyadan 15 nəfərlə görüşmüş və onlara müəyyən mükafatlar vermişdir. Onların bəziləri sonra bizə müraciət edib, bunun onlar üçün böyük bir stimul olduğunu qeyd etdilər. Hesab edirəm ki, bu iş gələcəkdə də davam etdirilməlidir.
Burada Vilayət müəllim Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da adını qeyd etdi. Biz bu mövzunu prioritet mövzular sırasında qəbul edirik. Məlumat üçün deyim ki, dünən artıq Şuranın iclası oldu və biz növbəti il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdik.
Vilayət müəllim, mən Sizi əmin etmək istəyirəm ki, Şura bundan sonra da bu sahəyə diqqəti artıracaq və insan alverinə qarşı mübarizə məsələsi yenə də bizim ön mövzularımızdan olacaqdır. İndiyədək biz 5–6 layihəni maliyyələşdirmişik və gələcəkdə, təbii ki, bunların sayını artıra bilərik. Biz bununla bağlı Sizinlə danışmışıq. Yəqin ki, gələcəkdə bu sahə ilə bağlı ayrıca bir görüşün, dəyirmi masanın keçirilməsinə ehtiyac var.
Reklamlarla bağlı məsələyə gəldikdə isə, əlbəttə, sosial reklamların və videoroliklərin, çarxların hazırlanması çox önəmli məsələdir. Amma gəlin etiraf edək ki, bunların təkcə region televiziyalarında verilməsi azdır. Biz bunu gərək mərkəzi televiziya ilə də yayımlayaq. Düzdür, sosial reklam olduğuna görə mərkəzi televiziyada bəzən buna o qədər də diqqət ayırmırlar. Mən həmişə qeyd etmişəm və indi də fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, sosial reklamla bağlı müəyyən şərtlər asanlaşdırılmalı və bizim televiziya kanalları bu reklamları qeyd-şərtsiz şəkildə verməlidir.
Burada təkliflər haqqında deyildi. Mən hesab edirəm ki, təklifləri qeyri-hökumət təşkilatları vasitəsilə biz səsləndirə bilərik.
Bütövlükdə hesabatı mən çox dolğun və müsbət hesab edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, hesabat çox normal hesabatdır. Təbii ki, ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində işlər ildən-ilə daha da sürətlənir. Biz bunu təqdir edirik.
Mən bir neçə məsələyə toxunacağam. Bir məsələyə, istərdim ki, aydınlıq gətirilsin. Qadın əgər xaricə çıxarılaraq satılırsa, biz bunu insan alveri kimi çox sərt cəzalandırırıq, yəni Cinayət Məcəlləsinin bu cinayətlə bağlı maddələri çox ağırdır. Amma daxildə də qadınlar insan alverinin qurbanı olurlar. Halbuki fahişəliyə cəlbetmə insan alveri, yəni qadınların xaricə çıxarılaraq satılması ilə müqayisədə daha az cəzalandırılır. Mən hesab edirəm ki, əgər qadın satılırsa, onun daxildə və ya xaricdə satılmasının, daxildə və ya xaricdə insan alverinin qurbanı olmasının heç bir fərqi olmamalı və bunu edən insanlar hər ikisinə görə eyni sərtliklə cəzalandırılmalıdır.
Mənim bildiyimə görə, bəzi ölkələrdə, ümumiyyətlə, bu anlayışda bir fərq yoxdur. Fahişəliyə cəlbetmə anlayışı məhz insan alveri anlayışı içərisində öz əksini tapır. Biz bu sahədə Avropa Konvensiyasına qoşulmuşuq. Ümumiyyətlə, bu məsələyə yenidən baxmaq düşünülürmü? Yenə söyləyirəm, fərqi yoxdur, o qadınlar daxildə qurbandırlar, xaricdə qur-bandırlar. Bunun ikisi də insan alveridir, qadın alveridir.
Burada həmkarlarım bir məsələyə də toxundular. Hörmətli Vilayət müəllimin hesabatında deyilir ki, 455 azyaşlı uşaqla bağlı müraciətlər olub, amma onların insan alverinin qurbanı olması təsdiqlənməyib. Təbii ki, bu ola bilər. Mənim buna heç bir şübhəm yoxdur ki, onlarla bağlı araşdırmada bu məsələlər təsdiqlənməyib. Amma hamımız bilirik ki, məcburən dilənçiliyə cəlb olunan uşaqlar da var. Bunu hamımız eşidir, görür və susuruq.
Bunun bir səbəbi də ondan ibarətdir ki, biz cəmiyyət olaraq bu məsələlərdə laqeydik. Hamımızda, hər kəsdə belə bir anlayış var: “mənə nə var?” İnsanlar bəzən gördüklərini, çox yaxından bildiklərini də cəmiyyətdə söyləməyə, deməyə, lazımi ünvanlara müraciət etməyə çəkinirlər. Mən Fazil müəllimin təklifini təkrarlamaq istəyirəm. Bu vəziyyəti dəyişmək üçün televiziya kanallarında sosial roliklərin, proqramların, verilişlərin sayı artırılmalıdır.
Bunu izah edən, anladan veriliş və proqramlarla bərabər, – burada vurğulandı, – o lövhələrin də olması çox önəmlidir. İnsanlara mütəmadi olaraq məlumat verilməli, bildirilməlidir ki, bu məsələlərlə bağlı haraya müraciət etmək olar. Bəlkə insan müraciət etmək istəyir, amma hansı telefon nömrəsini yığacağını, haraya müraciət edəcəyini bilmir. Ona görə mən də hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işləri daha da sürətləndirilməlidir.
Mən mediadakı həmkarlarıma səslənmək istəyirəm. Təəssüf ki, mediada biz bir çox hallarda mənasız proqramlar, lazımsız verilişlər də görürük. Amma bu cür maarifləndirmə proqramlarına geniş yer ayırmaq lazımdır. Biz parlamentdə reklamlar məsələsini müzakirə edəndə mən vurğulamışdım ki, sosial reklamların televiziya ekranlarında geniş yer tutması şərtlərinin daha da sadələşdirilməsi mexanizmlərini tapmalıyıq. Mütləq bunu etməliyik.
Məcburi əməyə cəlbetmə məsələsində də vəziyyət eynidir. Hamımız bilirik ki, əmək müqavilələri məsələsində ciddi problemlər var. Bu istismarın qurbanı olan insanlar çoxdur. Amma onlar özləri müraciət edə bilmirlər. Niyə? Çünki iş yerlərini itirəcəklərindən qorxurlar. O insanların əmək müqaviləsi, heç bir qarantiyası yoxdur. Onlar kiçik bir şikayət etsələr, iş yerlərini itirəcək və ciddi problemlərlə üzləşəcəklər. Ona görə ki...
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, koordinatorun illik hesabatı ilə bağlı kifayət qədər çıxışlar oldu və təkliflər, qeydlər səsləndirildi. Yəqin ki, Vilayət müəllim onlara münasibətini bildirəcək. Əgər etiraz etmirsinizsə, mən Əli Hüseynliyə də söz verim, yekunlaşdıraq. Yəni bunu uzatmağın, elə bilirəm, mənası yoxdur. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çalışacağam qeydlərimi müxtəsər deyim. Birincisi, hörmətli həmkarlar, bu məsələ tək hüquqi problem deyil. Əgər tək hüquqi problem olsa, yenə də Cinayət Məcəlləsinə müraciət etmək, sanksiyaları daha da artırmaq olar. Amma bu, çıxış yolu deyil. Bu, sosial bir problemdir və buradakı hörmətli həmkarlarımız da bu məsələyə məhz bu kontekstdən yanaşmağı tövsiyə etdilər. Mən hesab edirəm ki, onlar haqlıdırlar. Cinayət Məcəlləsinə müraciət problemin hüquqi həllinin son mərhələsidir.
Builki hesabatı əvvəlki hesabatlardan fərqləndirən bir amil var ki, bu da onun daha konstruktiv olmasıdır. Həm milli qeyri-hökumət təşkilatları, həm də beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlıq qurulub. Bu düzgün bir siyasətdir. Çünki problemin özü də vətəndaş cəmiyyətinin problemidir.
Hörmətli həmkarlar, ölkəmizdə insan alveri ilə bağlı vəziyyətin özümüz tərəfindən necə qiymətləndirildiyi bizim üçün daha vacib olsa da, biz beynəlxalq təşkilatların rəylərinə də müəyyən mənada diqqət yetiririk. ABŞ-ın Dövlət Departamentinin 2011-ci il üzrə hesabatında Azərbaycan hələlik II qrup nəzarət siyahısında qalmaqdadır. Bu elə də yaxşı bir nəticə deyil.
Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Hörmətli Vilayət müəllim də qeyd etdi, – biz, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) ilə birlikdə bir sıra tədbirlər keçirdik. Amerikalı dostlarımızın dediklərindən məlum oldu ki, bu hesabatlar hazırlanarkən orada bir sıra dəyərləndirmə meyarlarından istifadə olunur. Nəticədə Azərbaycanın yeri o qədər də uğurlu olmur. Amma həm ABŞ-ın müvafiq idarəsinin, həm ABA CEELI-dən olan dostlarımızın səmimiyyəti, həm də Azərbaycanda buna qarşı görülən tədbirlər, xüsusən də son dövrlər məcburi əməklə bağlı çıxarılan bir sıra məhkəmə qərarları onu söyləməyə imkan verir ki, artıq gələn ildə, yaxın illərdə bu beynəlxalq dəyərləndirmədə müsbət dəyi-şiklik olacaqdır.
Düşünürəm ki, hesabat bütövlükdə qənaətbəxş qiymətləndirilə bilər. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. İndi isə icazənizlə, deyilən fikirlərə, iradlara, qeydlərə münasibət bildirmək üçün sözü Vilayət Eyvazova verək. Buyurun, Vilayət müəllim.
V.Eyvazov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Verdiyiniz qiymətə, eləcə də təklif və suallarınıza görə minnətdarlığımı bildirirəm.
Fazil müəllim və bir çox millət vəkilləri burada əsasən məcburi əməklə bağlı narahatlıqlarını bildirdilər. Əgər yaxın keçmişə nəzər salsaq, biz 2004-cü ildə insan alveri cinayətləri ilə mübarizəyə başlayarkən birinci il yalnız iki fakt müəyyən edilmişdi. Sonralar bu sahədə həm peşəkarlığın artırılması, həm işin düzgün təşkil edilməsi, həm də vətən-daşların bu cinayətlərin qarşısının alınmasına qoşulması öz effektini verdi və bu gün hesabatda da göstərildiyi kimi, kifayət qədər uğurlar qazanılıb.
Məcburi əməkdə problemlər bir az başqa cürdür. Burada miqrasiyanın problemləri, yəni Azərbaycana gələnlərin sayının çox olması problemi də var. Amma əsas problem odur ki, işə götürən və işə götürülən arasında gizli razılaşma olur. Bunun da səbəbi qazancın daha artıq olmasına səy göstərilməsi, vergidən yayınmağın yollarının axtarılmasıdır. Sonradan hər iki tərəf narazı qalanda artıq şikayətlər başlanır. Miqrantlar, yəni xaricdən gələn əcnəbilər beynəlxalq qurumlara müraciət edir və onlar da buna məcburi əmək kimi qiymət verirlər. Amma əslində bu, məcburi əmək yox, vergidən yayınmaq cəhdləridir.
2012-ci ildə biz məqsəd qoyduq ki, bu, yeni sahə olduğundan burada profilaktikanı gücləndirək. Mən məruzəmdə də diqqətinizə çatdırdım ki, 5022 yoxlama keçirildi. Yox-lamaların əsas məqsədi həmin şirkətlərdə bu halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və həmin şirkətlərin sahiblərinə, eyni zamanda, orada işləyənlərə öz hüquqlarını, vəzifələrini izah etmək olubdur.
2010-cu ildən münasibət ayrı cür olacaq. Belə faktların qarşısının alınması üçün daha ciddi ölçülər götürüləcəkdir. Təbii ki, həm medianın, həm də vətəndaşların bu sahədə bizə köməyi vacibdir. Belə hallarla bağlı bu gün Azərbaycan cəmiyyəti üçün sosial şəbəkələr də, televiziyalar da açıqdır. Eyni zamanda, bir çox qurumlarda “qaynar xətt” telefon xidmətləri fəaliyyət göstərir. O cümlədən, insan alverinə qarşı bizim özümüzün “qaynar xətt”imiz mövcuddur. Həmçinin “102” telefon xidməti 24 saat fəaliyyət göstərir. “102” telefon xidmətinə hər gün 2000–2500 zəng daxil olur və müvafiq tədbirlər görülür. Yəni hər zaman olunan müraciətlərə reaksiya verilir. Bu gün fürsətdən istifadə eləyib vətəndaşlarımızdan da xahiş edirəm ki, ümumiyyətlə, bütün qanun pozuntuları, o cümlədən məcburi əmək və insan alveri halları barədə sadaladığım o telefon xətlərinə müraciət eləsinlər.
İnsan alverinə qarşı mübarizə üzrə işçi qrupumuz mövcuddur. Həmin işçi qrupunda 14 nazirlik və komitə təmsil olunub. Tərəfimizdən işçi qrupunun üzvləri ilə birgə monitorinqlər aparılıb və bu iş gələcəkdə də davam etdiriləcəkdir.
Qənirə xanımın qaldırdığı məsələ ilə bağlı. Bəli, bəzi ölkələr var ki, orada fahişəliyə cəlbetmə birbaşa insan alveri kimi göstərilməsə də, onun üçün elə insan alveri cinayətləri qədər məsuliyyət nəzərdə tutulub. Lakin bizim qanunvericilikdə insan alveri və əxlaqsızlığa cəlbetmə bir-birindən fərqli, tamam ayrı cür qiymətləndirilir. Bu əməllərin hansının insan alveri, hansının əxlaqsızlığa və yaxud fahişəliyə cəlbetmə olması xüsusi indikatorlar vasitəsilə müəyyən edilir. Qanunvericilikdə bu cinayətlərə qarşı mübarizənin güc-ləndirilməsi və yaxud qanunun sərtləşdirilməsi isə artıq sizin səlahiyyətinizdədir. Hər bir halda biz sizə dəstək verəcəyik.
Azyaşlıların məcburi əməyə cəlb edilməsi ilə bağlı. Bəli, mən bir daha qeyd edirəm ki, onların əsasən öz valideynləri, yaxınları tərəfindən dilənçiliyə, avaralığa və ya başqa qeyri-qanuni əməllərə cəlb edilməsi halları var. Lakin azyaşlıların məcburi əməyə cəlb edilməsi halları aşkar edilməyibdir. Belə hallar aşkar edilərsə, müvafiq tədbirlər görüləcəkdir.
Mən fürsətdən istifadə eləyib, verdiyiniz qiymətə, o cümlədən dəstəyə görə bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, biz milli koordinatorun illik hesabatını səsə qoymalıyıq. Ona görə xahiş edirəm, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.24 dəq.)
Lehinə 109
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir 109 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında qəbul edilmiş Məs-uliyyətli balıqçılıq təsərrüfatının aparılması haqqında Məcəlləyə uyğun olaraq, balıqçılıq təsərrüfatı və akvakulturanın ölkələrin inkişafında vacibliyini, həmçinin Mərkəzi Asiya və Qafqazda məşğulluğun və ərzaq təhlükəsiziliyinin yaxşılaşdırılmasını, daxili su hövzələrində regional əməkdaşlığın balıqçılıq təsərrüfatının inkişafına və səmərəli idarə edilməsinə təkan verəcəyini nəzərə alaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın təsis edilməsi haqqında qərar qəbul edilmişdir.
2009-cu ilin əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Ko-missiya”nın yaradılması üzrə icraçı komitə yaradılmış, beynəlxalq görüşlərə və müzakirələrə başlanmışdır. Regional komissiyanın yaradılması 2010-cu ildə Azərbaycan Respublikası tərəfindən imzalanmış və FAO–Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən Mərkəzi Asiyada balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı Regional Proqramının əsas məqsədidir. Regional komissiyanın məqsədləri regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə edilməsinə və daha yaxşı istifadəsinə, həmçinin akvakulturanın davamlı inkişafına kömək etməkdir. Komissiyanın funksiyası, öhdəlikləri sizə paylanmış sənədlərdə öz əksini tapmışdır.
Bununla yanaşı, komissiyanın aşağıdakı bəzi funksiyalarını sizin nəzərinizə çatdırmaq istərdim: su ehtiyatlarının vəziyyəti, sayı, istismar səviyyəsi, həmçinin balıqçılıq təsər-rüfatının və akvakulturanın vəziyyəti də daxil olmaqla təhlillərin aparılması; 4-cü maddədə müəyyən edilmiş regionun su bioloji resurslarının saxlanılması və səmərəli idarə edilməsi.
Akvakultura daxili sularda və xüsusi yaradılmış dəniz təsərrüfatlarında su orqanizmlərinin – balıqlar, xərçəngkimilər, molyusklar, yosunlar və sairənin yetişdirilməsi, becərilməsi sahəsinin və balıqçılıq təsərrüfatının yaxşılaşdırılması üzrə proqramların irəli sürülməsidir. Akvakulturanın mənası bundan ibarətdir. Deməli, kiçik balıqçılıq təsərrüfatı və akvakultura müəssisələrinin inkişaf etdirilməsi üçün müvafiq texnologiya və üsulların ötürülməsi və sair məsələlər bu komissiyanın funksiyalarına daxildir.
2011-ci il 19–21 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin və “FAO–Türkiyə” Əməkdaşlıq Proqramının təşəbbüsü ilə “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın təsisedici höku-mətlərarası müşavirəsi keçirilmiş və Qırğız, Tacikistan, Türkiyə və Ermənistan qəbul üçün müvafiq sənədləri FAO-nun Baş direktoruna təqdim etmişlər. Bununla əlaqədar sözügedən görüş zamanı komissiya Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, İran İslam Respublikası, Qazaxıstan, Monqolustan, Özbəkistan, Rusiya Federasiyası, Türkmənistan və Ukraynaya komissiyaya dair sazişə qoşulmaq üçün dövlətdaxili prosedurların sürətləndirilməsi ilə əlaqədar müraciət etmişdir.
Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişə xüsusi bəyanatla (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıbdır) qoşulur. Bəyanatda aşağıdakılar qeyd edilir:
Birinci, sazişin 13-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası bəyan edir ki, Xəzər dənizi 4-cü maddədə istinad edilən sazişin müddəalarının tətbiq ediləcəyi ərazilərə daxil deyildir.
İkinci, Azərbaycan Respublikası bəyan edir ki, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş əraziləri azad edilməyənədək və təcavüzün nəticələri tam aradan qaldırılmayanadək sazişdə təsbit edilmiş hüquq, öhdəlik və müddəaların heç biri Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.
Üçüncü, Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu) sazişin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.
Dördüncü, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalın baş verdiyi tarixdən etibarən su bioresurslarına zərər vurulmasına və ya məhvinə görə bütün məsuliyyət Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək işğalçı Ermənistan Respublikasının üzərinə düşür. Bəyanata Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunmuşdur. Deyilənləri nəzərə alaraq Aqrar siyasət komitəsinin üzvləri sizə təqdim olunan “Mərkəzi Asiyada və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin qəbul olunmasını məqsədəuyğun hesab edir. Həmkarlarımdan xahiş edirəm, bu layihəyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim, təşəkkür edirəm. Çıxış eləmək istəyən varmı? Mən, hörmətli Eldar müəllim, bir məsələyə diqqətinizi cəlb eləmək istəyirəm. Sazişin adın-da “akvakultura” sözü var. “Akva” latın dilində “su”, “kultura” da “mədəniyyət” deməkdir. Yəni bunu su mədəniyyəyi yazmaq olmazmı? Nizami müəllim indi populyar məsələsini deyəcək. Akva da populyardı, su da, mədəniyyət də. Gələcək üçün deyirəm. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Mən akvakulturanın mənası barədə dedim. Yəni burada dəniz təsərrüfatındakı su orqanizmlərdən, yəni balıqlardan, xərçəngkimilərdən, molyusklardan, yosunlardan və sairdən söhbət gedir. Bunun mənası belədir. Sazişdə akvakultura gedib. Beynəlxalq termin olduğuna görə biz bunu dəyişdirib adını filan şey qoya bilmərik. Bu, düz olmaz, çünki sazişə bu qədər respublikalar qoşulub. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 101 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Novbəti məsələ “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Artıq qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməklə milli medallarımızın siyahısına 3 yeni medalın əlavə olunması təklif olunur. Burada qeyd olundu, bu, miqrasiya ilə bağlıdır.
Hörmətli həmkarlar, ümumiyyətlə, son bir neçə ildə ölkəmizdə miqrasiya xidmətinin yaradılması, onun formalaşması ilə bağlı ciddi proseslər həyata keçirilmişdir. Artıq miqrasiya xidməti dövlət qulluğunun xüsusi bir növüdür. Miqrasiya orqanlarında qulluq keçmə haqqında qanun da mövcuddur. Bu orqan tam formalaşıb və hesab edirik ki, günün tələblərinə cavab verir. Bu baxımdan xüsusi bir xidmət növü olan bu sahə ilə bağlı miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə, orqanlarla səmərəli əməkdaşlığa görə, qüsursuz qulluğa görə medalların təsis olunması tamamilə məqsədəmüvafiqdir. Biz digər xüsusi dövlət qulluğu orqanlarında da bunu artıq tətbiq etmişik.
Hörmətli Ziyafət müəllim, qeyd etmək istəyirəm ki, yəqin, bu medalların təsviri ilə tanış olmusunuz. Medalların təsviri bizim indiyənə qədər orden və medallarla bağlı qəbul etdiyimiz həm əsasnamələrə, həm də tendensiyaya tam uyğundur. Burada milli atributlar və təbii ki, miqrasiya orqanlarının xüsusiyyətləri nəzərə alınmışdır. Hesab edirəm ki, bu 3 yeni medalın təsdiq olunması milli dövlətimizdə orden və medal yaradıcılığına öz töhfəsini vermiş olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Əli müəllim, ümumiyyətlə, son vaxtlar dövlət orqanları tərəfindən müxtəlif təşkilatlara müxtəlif medalların verilməsi ilə əlaqədar olaraq bizə çoxlu belə qanunlar təqdim olunur. Miqrasiya xidməti təzə yaranıb və birdən-birə 3 dənə medal təqdim olunur. Özü də faktiki olaraq eyni medallardır. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” və ya “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalları. Eyni medallardır. Bu medalların bu səviyyədə paylanmasının nə əhəmiyyəti var? Əvvəla, bu medalların arxasında heç bir maddi təminat, heç nə yoxdur. Sadəcə, həvəsləndirici metod kimi bundan istifadə edilir. Bu qədər medalın verilməsinə ehtiyac var, ya yox? Mən onu bilmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Şübhəsiz, miqrasiya xidməti Azərbaycanda son illərdə müəyyən təcrübə qazanıb. Bu sahədə çalışan və əməyi dəyərləndirilməli olan xeyli insanlar var, bu iş də görülməlidir. Orden və medalların təsisinə də normal baxıram. Amma mən də Vahid müəllimin dediyi məsələyə toxunmaq istəyirəm.
Bilirsiniz, müxtəlif xidmət sahələrində çalışan adamların bu şəkildə orden və medallarla təltif olunması ölkədə ciddi bir qatmaqarışıqlıq yaradır. Şübhəsiz, digər hüquq mühafizə orqanları ilə yanaşı, miqrasiya xidmətində də fəaliyyət göstərənlər təltif olunmalıdırlar. Hələ bundan sonra daxili işlər orqanlarında qüsursuz xidmətlərə görə medal da təsis ediləcək. Bu da yazılıb. Əslində, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və digər hüquq mühafizə orqanları da hərəsi özünə uyğun orden və medallar təsis edir və ya təsis edəcəklər. Mənə elə gəlir ki, bu sahələrin hamısını ümumi bir ad altında birləşdirib dövlətçiliyə yaraşan bir şəkildə orden və medallar təsis eləsək, daha doğru olardı. Bu gün artıq bu hazırlanıb, amma hələ düşünməyə vaxtımız var. Hesab edirəm ki, hüquq mühafizə orqanlarında qüsursuz xidmətə görə ayrıca (bütün bu sahələri ümumiləşdirən) bir medalın olması daha doğru idi. Hamısını nəzərə alsaq, onda 3 orden bütün bu sahələri əhatə edərdi. Hüquq mühafizə orqanlarında qulluqda fərqlənməyə görə, hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığa görə, hüquq mühafizə oqranlarında qüsursuz qulluğa görə. Bu 3 medal həm vergiləri, həm gömrüyü, həm miqrasiyanı, həm də daxili işlər orqanlarını – hamısını əhatə edərdi. Çoxlu, bir-birinə bənzə-yən orden və medallar düzəltməkdən dövlət xilas olardı. Mən xahiş edirəm, mənim bu təklifimə ciddi yanaşasınız və bu məsələni ayrıca müzakirə eləyək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, əslində, mənim çıxışım elə də böyük deyil. Biz bu layihəni parlamentin plenar iclasına tövsiyə eləyəndə bir məsələ yadımızdan çıxıb. 151.1-ci maddədə sürücü tərəfindən törədilən yol hərəkəti qaydalarının pozuntuları sadalanır. Bunların içərisində bir pozuntu var. Mən düşünürəm ki, bunun digər pozuntularla birlikdə bir maddədə verilməsi düzgün deyil. Söhbət piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti…
Sədrlik edən. Rafael müəllim, söhbət miqrasiyadan gedir. O biri qanun layihəsi müzakirə olunanda danışarsınız. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Azərbaycanda miqrasiya xidməti yaradılandan sonra onun Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınmasında çox böyük xidmətləri var. Azərbaycanda püxtələşən və dövlətçiliyə xidmət eləyən bir təşkilatın yaranması ümumi işimizə xeyirdir və miqrasiya xidmətinin işçilərinə fəaliyyətlərində uğurlar arzulayıram. Mən bu xidmətə məxsus medalların olmasına müsbət yanaşıram və hesab edirəm ki, belə medallara ehtiyac var.
Mənim sualım medalın adı ilə bağlıdır. Hörmətli Ziyafət müəllim, adına bir anlığa fikir verək. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə 3-cü dərəcəli Azərbaycan Respub-likası medalı”. Axı, respublikamızın adı 1-ci, 2-ci dərəcəli ola bilməz. Ona görə də olmazdımı, yazaq ki, Azərbaycan Respublikası miqrasiya orqanlarında qüsursuz qulluğa görə 1-ci, 2-ci, 3-cü dərəcəli medallar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Ötən iclaslarımızın birində biz Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı orden və medallar barədə müzakirələr aparanda bildirdim ki, bizdə bir çox medalın dizayn və tərtibatı sovetlər dövrünün orden və medallarını xatırladır. Onları indiki zamana uyğunlaşdırsaq, daha yaxşı olardı. Mən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xüsusi igidlik, fədakarlıq göstərən insanlara, o cümlədən milli qəhrəmanlarımıza verilən ordenlərin yenidən işlənməsi və paylanmasını təklif eləmişdim. Ancaq bu gün təklif olunan medallar cəlbedici və yeni dizayndadır, bəyəniləndir.
Mən hesab edirəm ki, orden və medal, adətən, xüsusi xidmətləri olan, fədakarlıq, qəhrəmanlıq göstərən insanlara verilib. Mən insanlara qulluqda fərqlənməyə görə orden və medalların verilməsini düzgün hesab eləmirəm. Bu ən azından orden və medalın bir qədər dəyərinin ucuzlaşdırılmasına, gözdən salınmasına xidmət edir. Mən hesab edirəm ki, ayrı-ayrı orqanlarda qulluqda fərqlənməyə görə xüsusi bir döş nişanının verilməsi daha düzgün olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Etibar müəllim. Əli müəllim, buyurun, məsələlərə münasibət bildirin.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Təxminən 10 il bundan əvvəl vəziyyət fərqli idi. Milli dövlətimizin, demək olar ki, çox az qisimdə orden və medalları var idi. Onlar da əsas etibarilə hərbi qulluqla bağlı idi. Amma dövlətçiliyimiz inkişaf etdikcə, yeni idarəçilik sahələri yarandıqca orden və medalların da sayı artmağa başladı.
Əlbəttə, mən bu məsələyə fərqli yanaşan həmkarlarımın arqumentlərini də başa düşürəm. Vahid müəllim və Sabir müəllim məsələyə bir qədər fərqli yanaşdılar. Bizim isə yanaşmağımız belədir ki, əlbəttə, bir neçə il bundan əvvəl qaldırdığınız problem mövcud idi, müvafiq icra hakimiyyətləri özləri medalı təsdiq, təyin edirdilər. Amma bir neçə il bundan əvvəl “Orden və medallar haqqında” Qanuna dəyişiklik etdik. Bu gün orden və medalların təsis olunmasını cənab Prezidentin təklifi ilə parlament qəbul edir. Ancaq təltif ölkə Prezidentinin səlahiyyətindədir. Ona görə, hörmətli Ziyafət müəllim, mən hesab edirəm ki, bizim bu təklifimiz elə dövlətçiliyə yaraşan formadadır.
İkincisi, biz əsasnamələrdəki fərqlərə fikir versək, görərik ki, ilk baxışdan adlarda az hiss olunan, amma əslində, bir-birindən kifayət qədər fərqlənən medallar təsis edirik. Əsas-namədə harada fərqlənməyə görədir, harada səmərəli əməkdaşlığa görə, onlar göstərilib. Səmərəli əməkdaşlıq vətəndaşa, xarici ölkə vətəndaşına, beynəlxalq təşkilata aiddir. Amma qulluqda fərqlənməkdən ötrü gərək xüsusi dövlət orqanında çalışasan.
Digər bir məqam. Hörmətli Sabir müəllim, hüquq mühafizə adı altında bunları birləşdirmək mümkün deyil. Mümkün olsaydı, əlbəttə, edərdik. Bu gün bizim qanunvericiliyə görə dövlət qulluğu və xüsusi dövlət qulluğu var. Onların hər birini ayrı-ayrı qanunlar tənzimləyir. Miqrasiya, yaxud gömrük orqanı özündə hüquq mühafizə orqanının müəyyən statusunu daşıyır, amma biz onlara hüquq mühafizə orqanı demirik. O, miqrasiya orqanıdır. Bu təklifinizi də müzakirə edə bilərdik, amma indiki qanunvericiliyimiz baxımından bunu nəzərə almaq mümkün olmayacaq.
Mən Aydın Mirzəzadəyə təşəkkür edirəm. Onun adlarla, birinci, ikinci, üçüncü dərəcə ilə bağlı haqlı qeydi oldu. Biz bununla bağlı əsasnamədə düzəliş edəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun, təşəkkür edirəm. Aydın müəllimin qaldırdığı məsələyə aydınlıq gətirim. Burada, əslində, düz yazılıb, Aydın müəllim. Söhbət birinci, ikinci, üçüncü dərəcəli Azərbaycan Respublikasından getmir, Azərbaycan Respublikasının birinci dərəcəli ordenindən və ya medalından gedir. Xahiş edirəm, bu məsələni qarışdırmayaq.
Əli müəllim bayaq düzgün qeyd elədi. Bilirsiniz ki, əvvəllər orden və medallar ayrı-ayrı nazirliklər tərəfindən təsis olunurdu. İndi artıq qanunla onlar ləğv olundu. Bunlar dövlətin adından təsis olunur. Nə üçün burada Azərbaycan Respublikasının adı var? Ona görə ki, bunlar Azərbaycan Respublikasının adından verilir. Ona görə biz bura mütləq birinci dərəcəli Azərbaycan Respublikasının medalı yazmalıyıq. Yəni “dərəcə” sözü medala aiddir, “Azərbaycan Respublikası” sözlərinə aid deyil.
Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 97
Əleyhinə  2
Bitərəf     0
Səs verməd     0 
İştirak edir 99 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik texniki xarakter daşıyır. Mən hörmətli həmkarların diqqətinə çatdır-maq istəyirəm ki, bir müddət öncə biz Cinayət Məcəlləsinə bir sıra fundamental dəyişikliklər etdik, o cümlədən Cinayət Məcəlləsinin 132-ci maddəsi məcəllədən çıxarıldı. Bir sıra islahatlar həyata keçirmişdik, indi hazırda İnzibati Məcəllədə öz əksini tapıb. Məhz buna görə də “Cinayət təqibinin növləri” maddəsinə təklif olunan variantda 132-ci maddə artıq yoxdur, çıxarılıb.
Eyni zamanda, qeyd etmək istərdim ki, 128–132-ci maddələrlə bağlı məhkəməyədək sadələşdirilmiş icraat həyata keçirilirdi. Təbii ki, artıq bu olmadığına görə Cinayət-Pro-sessual Məcəlləsinin 214-cü maddəsindən çıxarılır. Yəni bunlar texniki dəyişikliklərdir.
Sədrlik edən. Aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi  2 
İştirak edir 86 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Cəzaların İcrası Məcəlləsinin 3-cü maddəsinə təklif olunan dəyişiklik də texniki xarakterlidir. Məsələ burasındadır ki, biz İşgəncələr əleyhinə Avropa Konvensiyasına qoşulduqdan sonra Cinayət Məcəlləsinə buna uyğun müvafiq dəyişikliklər etmişik. Hazırda bizim qanunvericilikdə konvensiyada olduğu kimi “işgəncə və ya digər qəddar qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilmir” ifadəsi işlənilir. Təklif olunur ki, Cəzaların İcrası Məcəlləsində də eyni ifadə işlənsin. Çox sağ olun.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi  1 
İştirak edir 95 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Yəqin ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə diqqətlə tanış olmusunuz. Qeyd etmək istəyirəm ki, bu dəyişikliklər kifayət qədər fundamentaldır və hesab edirəm ki, zəruridir.
Bir sıra ictimai təhlükəli xətalarla bağlı sanksiyaların bir və ya bir neçə dəfə artırılması təklif olunur. Qeyd etmək istəyirəm ki, hörmətli millət vəkilləri tərəfindən burada avtoxuliqanlıq, nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, piyadalar tərəfindən qaydaların pozulması ilə bağlı bir sıra məsələlər qaldırılmışdır. Bütün bu məsələlər diqqətlə öyrənilmiş və hesab edirəm ki, təklif olunan layihədə böyük əksəriyyəti nəzərə alınmışdır.
Bütövlükdə qeyd etmək istəyirəm ki, son dövrdə sanksiyaların artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsində çox mütərəqqi işlər görmüşük. Burada sanksiyaların artırılması hazırda ən çox baş verən xətalarla bağlıdır.
Qeyd etmək istəyirəm ki, bizim komitənin üzvü Rafael Cəbrayılov tərəfindən avtoxuliqanlıqla bağlı məsuliyyətin artırılması təklif olunmuşdu. O təklif də burada xüsusi olaraq nəzərə alınmışdır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, komitənin iclasında müzakirə zamanı millət vəkili Rafael müəllim piyada keçidində piyadalara yol verilməməsi xətasının İnzibati Xətalar Məcəlləsində ayrıca bir maddədə ehtiva olunmasını təklif etmişdi. Bu təklif də nəzərə alınacaq. Bütövlükdə xətaların ictimai təhlükəlilik dərəcəsinə görə sanksiyaların bu formada artırılması məqsədəmüvafiqdir və inanıram ki, siz də bu layihəni dəstəkləyəcəksiniz. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə, Əli müəllim, bilmək istədim ki, bu, yalnız yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır, yoxsa ümumiyyətlə, bizim dediyimiz, o cümlədən Rafael müəllimin də təqdim etdiyi məsələlərlə əlaqədardır? Burada söhbət hansı dəyişikliklərdən gedir?
Sədrlik edən. Əli müəllimə mikrofon verin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu gün Milli Məclisin gündəliyində İnzibati Xətalar Məcəlləsinə iki dəyişiklik təklif olunub. İndi bizim müzakirə etdiyimiz layihə cənab Prezident tərəfindən təklif olunub və əsas etibarilə nəqliyyat hadisələri ilə bağlıdır. Növbəti məsələ isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təklif olunub, sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Hələlik o, müzakirədə deyil. İndi ancaq cənab Prezident tərəfindən təklif olunmuş layihəni müzakirə edirik. Sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, mən vaxtilə də məsələ qaldırmışdım, bu dəyişiklikləri dəstəkləyirəm. Hesab edirəm ki, yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələr bir çox hallarda bu istiqamətdə baş verən hüquq pozuntularının aradan qaldırılmasında səmərəli nəticələr vermir. Hətta mən hesab edirəm, o hüquq pozuntularına görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.
Mən vaxtilə bir misal çəkmişdim, indi də deyirəm. Amerika Birləşmiş Ştatlarında Amerikanın məhkəmə-hüquq sistemini öyrənərkən bir qadın həbsxanasına getdik. Bizə deyilmişdi ki, hər kamerada iki nəfər yatır. Birini açıb bizə göstərdilər. Həqiqətən də, orada iki nəfər yatırdı. Amma biz xahiş elədik ki, başqasını – 13-cü kameranı açın. Gördük ki, orada bir nəfər də döşəmədə yatır. Yerə əlavə nəsə salıblar, onun üstündə yatır. Biz soruşduq ki, bu niyə burada yatır? Siz dediniz ki, bu kameralar iki yerlikdir. Dedilər ki, dustaqların sayı çoxdur, ona görə yerdə yatır. Bu da bir xırda detaldır.
Yerdə yatan qadından soruşdum ki, nə üstündə həbs olunmusan? Dedi ki, bir bakal pivə içmişdim. Sual etdim ki, bir bakal pivəyə görə səni tutublar? Dedi, “hə”. Soruşdum ki, nə qədər cəza veriblər? Cavab verdi ki, il ərzində təkrarən içkili vəziyyətdə avtomobil sürdüyümə görə məni 6 ay həbs ediblər. Ondan soruşdum ki, il ərzində təkrar içkili vəziyyətdə tutulduğuna görə səni cinayət məsuliyyətinə cəlb etmələri ədalətli bir cəzadırmı? Çox maraqlı bir cavab verdi ki, bəli, hesab edirəm, çox ədalətli bir cəzadır, çünki içkili vəziyyətdə ağır cinayət törədə, kimi isə bədbəxt eləyə bilərdim, ya da öz həyatımı, sağlamlığımı itirərdim. Ona görə də mən istərdim ki, bizim müvafiq icra hakimiyyəti orqanları, həm də Milli Məclisin üzvləri bu barədə ciddi düşünsünlər.
Artıq mətbuat hər gün “yol terroru” adı ilə çoxlu sayda məlumatlar dərc edir. Gün ərzində yol-nəqliyyat hadisələri zamanı çoxlu sayda insan həyatını itirir. Bunun da böyük əksəriyyəti yollarda avtomobillərin sürətlə idarə olunması ilə əlaqədardır. Əgər il ərzində sürücü təkrarən müəyyən olunmuş sürət həddini aşırsa, yol hərəkəti qaydalarını pozursa, hesab edirəm ki, o, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Kimsə nəvəsinin əlindən yapışıb küçə ilə gedirsə, gəlib yüksək sürətlə onları vururlar. Bu yaxınlarda ailəmizin də başına belə bir faciə gəldi. Yolu keçdiyi yerdə çox böyük sürətlə gəlib vurdular və bir ailəni bədbəxt elədilər. 3 uşağı yetim qaldı. Yəni bu barədə ölçü götürülməlidir, bu belə davam eləyə bilməz. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutmalıyıq. Deputat həmkarımız Rafael Cəbrayılovun bununla bağlı təklifləri var. Oqtay müəllim, hesab edirəm ki, bu məsələni sürətləndirsək, müəyyən mənada ölümlərin qarşısını ala bilərik. Mən bu dəyişiklikləri dəstəkləyirəm və səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, 5 dəqiqə reqlament qoymuşam. Fikrim var idi, tənəffüssüz işləyək, ancaq görürəm, 9 nəfər yazılıb. Xahiş edirəm, 5 dəqiqəlik reqlamentə əməl edəsiniz. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Əvvəlcə, icazə verin, fürsətdən istifadə edib hörmətli həmkarım Qüdrət müəl-limə dərin təşəkkürümü bildirim. Doğrudan da, bu gün sürət artımı ilə bağlı yol hərəkəti qaydalarının pozulması zəminində insan ölümü bizdə həyəcan təbili çalmağın vaxtının çatdığını çoxdan göstərən bir səviyyədədir. Məsələn, Azərbaycan qədər əhalisi olan Avstriyada 100 yol hərəkəti qəzasında ölüm faizi 2,7 faizdir. Azərbaycanda bu rəqəm 36 faiz təşkil edir. Azərbaycan yol hərəkəti qəzalarında ölənlərin sayına görə dünyada ən öndə gedən ölkələrdən biridir. Demək olar ki, hər 3 yol hərəkəti qəzasının birində ölüm var.
Mən düşünürəm ki, bunun əsas səbəblərindən biri də nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlıdır. Amma əfsuslar olsun, Azərbaycan dünyada sərxoş və-ziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə cərimə cəzası nəzərdə tutulan yeganə ölkələrdəndir. Biz yaz sessiyasının sonunda bunu iki dəfə də artırdıq, 200 manat elədik. Bu da vəziyyətdən çıxış yolu deyil. Dünyanın hər yerində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edirlərsə, birmənalı şəkildə sürücülük hüququndan məhrum edilirlər. Hətta Ukraynanın qanunvericiliyində sürücülük hüququndan məhrum edilməklə yanaşı, nəqliyyat vasitəsinin müsadirə edilməsi kimi ağır cəza da nəzərdə tutulur. Amma bizdə sürücünün sürücülük hüququndan məhrum edilməsi üçün il ərzində nəqliyyat vasitəsini ya iki dəfə sərxoş vəziyyətdə idarə etmək, ya da kiməsə yüngül xəsarət yetirmək lazımdır.
Bununla bağlı mənim layihəm vardır. Düşünürəm ki, yaxın vaxtlarda onun müzakirəsi olacaq. Amma bu gün bu layihə ilə bağlı mənim təklifim sırf redaksiya xarakterlidir. Hörmətli Əli müəllim onu səsləndirdiyinə görə mən istəmirəm, üzərində təfərrüatı ilə dayanım. Həqiqətən, sürücü tərəfindən törədilən qanun pozuntularının hamısının bir maddə-də – 151.1-də verilməsi düzgün deyil. Onun ayrı maddədə verilməsi daha düzgün olardı. Bu, redaksiya xarakterlidir. Təşəkkür edirəm ki, qəbul olunub.
Bundan başqa, mən İnzibati Xətalar Məcəlləsinin 10.1.1-ci və 10.1.8-ci maddələri arasında uyğunsuzluğu da nəzərinizə çatdırmaq istəyirəm. Burada söhbət avtomatik rejimdə işləyən foto və video texniki vasitələrdən gedir. Mən düşünürəm ki, bu maddələrin uyğunlaşdırılması daha düzgün olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. İclası tənəffüssüz keçirməyə etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tahir Rzayev. 
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, mən də İnzibati Xətalar Məcəlləsinə edilmiş bu dəyişiklikləri çox əhəmiyyətli hesab edirəm. Xüsusilə 151 və 152-ci maddələrə tərəfdar çıxıram.
Həmkarlarım da səsləndirdilər, bu gün Azərbaycanda yol hərəkəti qaydalarının pozulması nəticəsində hər gün xeyli insan həyatını dəyişir və ya şikəst olur. İnzibati Xətalar Mə-cəlləsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə şərtlərin sərtləşdirilməsini, cərimələrin artırılmasını məqbul hesab edirəm. Xüsusilə sərxoş halda nəqliyyat vasitələri idarə edənlər haqqında daha ciddi tədbirlərin görülməsinə mən də tərəfdaram.
Ancaq demək istəyirəm ki, bütün nöqsanları sürücülərin üzərinə yıxmaq olmaz. Əlbəttə ki, son illərdə yol hərəkəti qaydalarının qorunması, yol polisinin funksiyalarının artırılması üçün çox böyük tədbirlər görülüb. Bu gün nəqliyyatın hərəkətinin nizamlanmasında yol polisi işçilərinin əməyini qeyd etməmək olmaz. Ancaq hər şeyi sürücülərin üzərinə yıxmaq da doğru deyil. Mən elə bilirəm ki, bu gün sürücülük vəsiqəsinin verilməsində şərtlər sərtləşdirilməlidir. Çünki bu gün istənilən vətəndaş az bir müddətdə sürücülük vəsiqəsi ala bilir. Çox təəssüflər olsun ki, bəzən nəqliyyatı idarə edə bilməyən adamlara da bu vəsiqələr verilir. Bu isə sonradan belə hallara və faciələrə zəmin yaradır.
Digər tərəfdən, bu gün yollarda radarların qoyulmasında müəyyən nizamsızlıqlar müşahidə olunur. Səyyar radarlardan istifadə olunur ki, bəzən bu, nəinki yol hərəkəti qayda-larının pozulmasının qarşısını alır, əksinə, müəyyən xətalara yol verilməsinə səbəb olur. Polis işçilərinin etik normalara əməl etməsi çox vacibdir. Bəzən sürücülərlə elə rəftar olunur ki, bu onların daha ciddi qəzalar törətməsinə gətirib çıxarır. Burada piyadaların məsuliyyətinin artırılması məsələsindən söhbət getdi. Əlbəttə, mən bunun tərəfdarıyam və istərdim ki, gələcəkdə bizim qanunvericilikdə qəzaların məsuliyyətini şərtləndirən müəyyən maddələr öz əksini tapsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Təqdim olunan dəyişikliklərə tərəfdaram, ancaq bir neçə məsələyə fikrimi bildirmək istərdim. Heç bir kəs və heç bir ölkə yol-nəqliyyat hadisələrindən sığorta olunmayıb. Avtomobil nəqliyyatının sürətli inkişafı özü ilə bərabər bir sıra problemlər yaradıb və yaratmaqdadır.
Türkiyədə yol nəqliyyatı hadisələri zamanı ölən insanların sayı ilə əlaqədar statistik məlumatlar dərc olunanda bu şəxsləri trafik canavarının qurbanı elan edirlər. Yəni biz də bu gün bu termindən istifadə edə bilərik. Həqiqətən də, Azərbaycanda yol nəqliyyatı hadisələrində həlak olanların sayı getdikcə artmaqdadır. Bunun səbəbləri üzərində dayanmaq istəməzdim. Bir sıra səbəblər ola bilər. Ancaq mən tərəfdaram ki, yol nəqliyyatı hadisələrində bu və ya digər qanun pozuntusuna yol vermiş sürücülər daha sərt şəkildə cəzalandırılsınlar.
Burada səsləndirildi, sərxoş vəziyyətdə avtomobili idarə edərək qəza törədirlər. Bizim qanunvericilikdə elə yumşaq bir müddəa var ki, hər kəs bundan istifadə edib törətdiyi əməldən yayına bilər. Yalnız ölüm hadisəsi baş verdikdə və yaxud da qarşı tərəfə fiziki ziyan vurduqda həmin əməli törədən şəxs Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaqa cəlb olunur. Qalan hallarda görürsən ki, bu adamlar yol-nəqliyyat hadisəsi törədib, qarşı tərəfə külli miqdarda ziyan vurublar.
Bilirsiniz ki, avtoxuliqanlar daha ucuz markalı avtomobillərdən istifadə edərək yol-nəqliyyat hadisələri törədirlər. Onların istifadə etdiyi avtomobil qəza zamanı toqquşduqları avtomobilin adi bir detalının qiyməti səviyyəsində deyil. Qarşı tərəfə külli miqdarda ziyan vururlar. Sığorta olmadıqda qarşı tərəf, ya da elə sığorta şirkəti bu ziyanı ödəməli olur. Məhkəmə qərarı ilə isə həmin əməli törədən nəqliyyat sürücüsünə çox cüzi cərimələr kəsilir. Həmin cərimələri ödəmək üçün bəlkə heç onun ömrü də çatmayacaq. İşlədiyi, aldığı əmək haqqı da bunu ödəməyə uyğun gəlmir. Avtoxuliqanlar da bunu dəqiq bildiklərinə və qanunda onların hərəkətlərini önləyən bir norma olmadığına görə çox sərbəst hərəkət edirlər.
Hətta belə bir məlumat almışam ki, bəzi avtoxuliqanlar haqqında bir neçə məhkəmə qərarı var. Onlar törətdikləri əmələ görə cərimələri nədənsə əmək haqqından hissə-hissə ödəyirlər, amma bundan çəkinmirlər. Əgər qanun sərtləşdirilsə, bir və ya iki dəfə törədilən bu əmələ görə Cinayət Məcəlləsində müvafiq müddəalar olsa və biz o şəxsləri həbs edə bilsək, təbii ki, bu, çəkindirici bir hal ola bilərdi. Bildiyim məlumata görə Çində sərxoş halda avtomobili idarə edən şəxslər qəza törədərlərsə, onları edam edirlər. Burada başqa ölkələrdən də misallar çəkildi. Ona görə buna çox sadə şəkildə yanaşmaq lazım deyil. Qanunun çox sərt üzü olmalıdır.
Avtomobil sənayesi inkişaf edir, onlardan istifadə geniş xarakter alır. Mən bu gün oxudum ki, yenə iki avtobus toqquşub, yaralananlar var. Bunların hamısından dövlət, büdcə, səhiyyə – bütövlükdə vətəndaşlar ziyan çəkirlər. Mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olaraq bu cür hadisələrlə əlaqədar qanunun daha çox sərtləşdirilməsinə tərəfdaram. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi də buna dəstək verəcək və müvafiq ekspertlərin iştirakı ilə biz bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəl-ləsinə kifayət qədər dəyişikliklər edə biləcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edək. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsini dəstəkləyənlərdənəm. Amma istəyirəm, ortaya prinsipial bir yanaşma qoyam. Biz, həqiqətən də, sərxoşluq və avtoxuliqanlıqla bağlı sərt bir mövqe nümayiş etdirməliyik. Bu nədən ibarətdir? Sərxoşluq və avtoxuliqanlıq birbaşa başqalarının həyatına, malına, mülkünə qarşı cinayət törətmə niyyəti ilə edilən hərəkətlər kimi şərh olunmalıdır.
Məncə, bunun Cinayət Məcəlləsində nəzərdə tutulması vacibdir, çünki cərimələrin artırılması ilə problem öz həllini tapmır. Bir avtoxuliqanın törətdiyi hərəkət nəticəsində onlarca insanın həyatına, malına ziyan dəyir və bunu da ödəmək mümkün olmur. Onun üçün bunu artırmağın nə fərqi var? Dövlətə hansı isə cərimə ödəyəcək, konkret insanın problemi ki həll olunmur? Ona görə də, məncə, burada söhbət müəyyən normadan artıq sərxoşluq vəziyyətində olan şəxslərin təkcə avtomobil idarə etməsinin məhdudlaşdırılmasından yox, ümumiyyətlə, cinayət məsuliyyətinə cəlb olunmasından getməlidir. Bir az daha sərt forma seçilməsi və bunun inzibati xəta kateqoriyasından çıxarılması vacibdir.
Bir iradımı da bildirmək istəyirəm. 306-cı maddə “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” adlanır. Burada 30 manatdan 50 manatadək miqdarda cərimə nəzər-də tutulur. Burada nəzərdə tutulur ki, gecə saat 24-dən səhər 7-dək səs-küy salmamaq, ucadan mahnı oxumamaq. Mənzillər də bu kateqoriyaya daxil edilir. Əslində, mənzillərin buradan çıxarılması vacibdir. Mənzil toxunulmazlığı var. Əgər qonşunun evində səs-küy varsa, sən gedib onun qarşısını hər hansı bir formada almayacaqsan. Kim isə musiqi dinləyirsə, bunun günahını vətəndaşda axtarmaq lazım deyil. Binalar elə tikilir ki, ayaqqabı ilə evin içində yeriyəndə alt qatda hamı narahat olur. Yaxud divara bir çəkic vuranda qonşuda eşidilir. Heç bir səsboğucu sistem nəzərdə tutulmur. Kim necə gəldi tikir, təhvil verir. Ona görə də bunun günahını vətəndaşın üzərinə qoymaq yanlışdır. İctimai yerlərdə, yaşayış evlərinin girişlərində, həyətlərdə bunun tətbiqi ilə razıyam, amma bunu mənzillərə şamil etmək doğru deyil. Bu, konstitusion hüququn pozulmasına gətirib çıxara bilər, istənilən adama istənilən irad tutular. Bəlkə otaqda körpə uşaq var, bir mahnının, musiqinin səsini artıq verib. Buna görə xüsusi bir cərimə təyin eləmək, məncə, doğru deyil.
Bir də, burada prinsipial bir məsələ var. Qəzalardan sonra səhiyyə sisteminin vəziyyətinə də münasibət bildirmək lazımdır. Biz İnzibati Xətalar Məcəlləsində də buna xüsusi diqqət yetirməliyik. Yaralanmış və ya ölmüş şəxsin yaxını gəlməyincə heç kim sahib çıxmaq istəmir. Yaxının da kimliyini, pulunu, imkanını dəqiqləşdirməyincə heç kim ona ilkin tibbi yardım göstərmək istəmir. Yüzlərcə belə fakt var. Yaxını deputatdırsa, vəzifədə işləyirsə, dərhal tökülürlər ki, oradan 5 manat pul qazanacağıq. Həqiqətən, bir peşə təəssübkeşliyi yoxdur. Bir qəza vəziyyəti olursa, hamı yığışır, ancaq seyr edir. Onu maşınına qoyub xəstəxanaya çatdırmağı heç kim özünün vətəndaşlıq borcu hesab etmir. Cəmiyyətin, həqiqətən də, bu istiqamətdə çox ciddi bir problemləri var. Buna da qanunvericilik səviyyəsində diqqət yetirsək, məncə, yerində olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən də həmkarlarımın mövqeyini bölüşürəm. Əslində, bizi izləyən media mənsubları tərəfindən bu xəbərin sonra cəmiyyətə çıxarılması fonunda belə bir mövqe hasil ola bilər ki, guya parlament bu sanksiya rejimini sərtləşdirməklə sürücülərin əleyhinə mövqe tutub. Əslində, bu məsələ hamının həyatını bu və ya digər formada təhdid edir. İndiyə qədər dünyanın getdiyi bir alternativ yol olmayıb ki, biz onu tətbiq edək və uğurlu nəticələr alaq.
Burada müxtəlif statistikalar gətirildi, birini də mən söyləyim. Bu göstərici bircə Türkiyədə bizdən artıqdır. 100 min nəfərə düşən ölüm faizi onlarda 16-nı keçir, bizdə isə 13,8-dir. Avropa ölkələrinin hamısında bu rəqəm 2,5, 3, ya da 5–6 faizə bərabərdir.
Mübariz müəllim burada “trafik canavarı” termini barədə danışdı. Türkiyədə bu məfhumdan daha çox yararlanırlar. Bizdə də bu artıq “yol qətliamı” kimi anlayışı özündə ehtiva edir və nəticə etibarilə bütövlükdə milli həyatı, milli mövcudluğu tədqiq edir. Niyə? Bunun səbəbləri hamımıza aydındır. Burada hamımızın bu və ya digər formada günahımız var. Çünki nəqliyyatı idarə edən insanları bir tərəfdən də biz idarə edirik. Necə deyərlər, telefonlarla, xahiş sistemi ilə ölkədə 200 manat cərimə sanksiyası ilə içmək hüququnu, elə bil, leqallaşdırmışıq.
Ona görə də milli həyatımıza toxunan bu məsələdə bizim indiki dönəmdə başqa yolumuz yoxdur. Amma cinayət qanunvericiliyi ilə bunu tövsif eləmək doğru olardı. Çünki biz, nəhayət, anlamalıyıq ki, yol hərəkəti insan həyatını, demək olar, hər gün izləyir. Buna görə də belə tədbirlər vasitəsi ilə bir başqa insanın həyatını ortadan götürmək, onun qətlinə fərman vermək məsuliyyət yaratmalıdır. Bu, sadəcə, ağsaqqalların gəlməsi, başqa insanların nizamlaması ilə cinayət işi olmadı, həll olundu, çıxdı getdi şəklində olmamalıdır. Bu çox ağır bir məsələdir. Hərbi sferada, yəni müharibə bölgəsində bu gün həyatını itirən insanlarımızdan daha çox statistika yollarımızdadır. Ona görə də mən bu gün parlamentin belə bir mövqeyini bölüşürəm və bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən, təbii ki, son dövrlərdə nəqliyyat vasitələri ilə törədilən cinayətlərin mətbuatda səslənən miqyasından narahat oluram. Amma cərimələrin miqdarını hansı meyarlarla müəyyən ediblər, bu, yoxdur. Bütün ölkələrdə cərimələri minimum əmək haqqına və yaxud da əhalinin gəlirinə uyğun müəyyənləşdirirlər. Mən hesab edirəm, burada bu, nəzərə alınmayıb.
Konkret maddələrə keçirəm. Məsələn, “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsində yazılır ki, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə. Mən 3 nəfərlə maşında gedirəm, polis məni saxlayıb deyir ki, içəridə söhbət edirdiniz. Polis mənim üzümə duracaq ki, sən içəridə söhbət edirdin. Halbuki mən heç söhbət də eləmirdim. Nə ilə müəyyən edir ki, içəridə məhz diqqəti yayındıra biləcək söhbət edirdim. Bu, absurd bir şeydir, bura yazılıb. Bir dəqiqə, sakit durun.
Sonra, yazılıb ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə. Mən yol gedirəm, bilmirəm, qabaqda böyük bir dəlik, su var, ya yoxdur. Yoldur, gəldim çatdım ora, imkan tapmadım. Sürücü əyləci möhkəm bassa, arxadakı ilə qəza vəziyyəti yaradır. Girdi o suyun içinə, qıraqda duranın birinin üstünə sıçradı. Buna görə adamı cərimə edərlər? Absurd-absurd şeyləri yazıb polis üçün rüşvət yeri açmağa ehtiyac yoxdur.
Yaxud yazılıb ki, küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına görə. “Kor piyadanın işarəsi” nə olan şeydir? Kor piyadanın işarəsi haradan olur, necə qoyulur? Bu cür absurd şeyləri yazmağın nə mənası var, bunu başa düşmürəm.
Yazılır ki, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qa-çırmasına görə. Mən bir dəfə burada demişəm, polis məni saxlayıb deyir ki, işarə verdim, saxlamadın. Deyirəm, işarə vermədin. Uzun söhbətdən, məni tanıyandan sonra, nəhayət, bildi ki, işarə verməyib. Adamı aparacaq müayinə etməyə, həm də deyəcək ki, boyun qaçırdı, hətta post patrul xidmətini də bura çağıracaq. Bunu müəyyən edən bir norma olmalıdır. Bu normaların heç biri qanunda nəzərdə tutulmayıb, hamısının yükü vətəndaşın üzərinə qoyulub.
Sonra, qeyd olunub ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə. “Əhalinin dincliyini nümayişkaranə şəkildə pozan” ifadəsi nədir, bu açıqlanmalıdır. İstənilən halda abstrakt bir şey olanda deyəcək ki, “nümayişkaranə şəkildə pozdun”. Savadsız vətəndaş, sürücü izah edə bilməyəcək ki, ay başına dönüm, mən nə etdim. O, protokolda yazacaq ki, pozub, ora da istədiyi bir şeyi əlavə edəcək. Açıq şəkildə yazılmalıdır ki, bu, siqnaldırmı, ya başqa bir şeydirmi? Bu “nümayişkaranə şəkildə pozmağın” adı nədir, bunu konkret yazmaq lazımdır.
Yaxud fahişəliklə məşğul olma. Milli Məclisdə fahişəlik haqqında qanun qəbul olunubmu ki, fahişəliklə məşğul olmağa görə 80 manatdan 100 manatadək miqdarda cərimə nəzərdə tutulur? Milli Məclisdə belə bir qanun qəbul olunmayıbsa, polis bulvarda oturan nişanlı adamları… Dəfələrlə biz bunun şahidi olmuşuq, bir-birini sevən, bir-biri ilə tanış olan adamları tutub polis bölməsinə aparırlar, ailəsini, özünü şantaj edirlər. Adam adının çəkilməsindən qorxur. Sən əvvəlcə fahişəlik haqqında bir qanun qəbul elə, sonra de ki, fahişəliklə məşğul olmağa görə bu maddə ilə cərimə olunursan. Bu yoxdursa, küçədə yanaşı gedən iki nəfəri tutub aparacaq ki, fahişəliklə məşğul olurlar. Bu adam valideynlərinin, doğmalarının, yaxınlarının yanında biabır olmamaqdan ötrü 80 manat nədir, polisə də rüşvət verəcək.
Mən hesab edirəm ki, bu tipli məsələlərin bu şəkildə qoyulması qeyri-ciddidir və əslində, məmurlara, ayrı-ayrı səlahiyyətli şəxslərə vətəndaşların hüquqlarını tapdalamağa imkan yaratmaqdan başqa bir şey deyil.
Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək inzibati həbs tətbiq olunur. Biz dəfələrlə şahidi olmuşuq, hətta fərqli düşüncəyə, siyasi mövqeyinə görə adamlar “polisə tabe olmadı” deyə polis məntəqələrinə aparılıblar. Polisə tabe olmamaq ya kameralarla, ya da video qurğularla müəyyən olunmalıdır. Azərbaycanda mitinqlərdə, başqa...
Sədrlik edən. İqbal müəllim, çıxışınızı alovlu qurdunuz, vətəndaşların hamısını savadsız elan etdiniz. Sürücüləri də savadsız elan etdin. Bu boyda qanunun içində bir dənə müsbət şey tapmadın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyur.
İ.Ağazadə. Əksər sürücülər o kateqoriyadan hesab olunur ki, onların çoxunun ali təhsili yoxdur, qanunlarla birbaşa təmasda deyillər. Bu, gerçəklikdir, amma fiziki şəxslərin 200 manat cərimə olunması ilə bağlı deyirəm. Polislər Prezidenti, icra başçısını, filankəsi təhqir etdin deyə adamın üzünə dururlar. Bu qanunla cərimə yüksələndən sonra rüşvət almaq üçün deyəcək ki, filankəsi təhqir etdi və yaxud qanuna tabe olmadı, işarə verdim, saxlamadı. Bu cür yanaşmalarla qanun qəbul olunub. Dövlət qulluqçularının məsuliyyətini artıran qanunun fəlsəfəsi olmalıdır. Biz hər şeyi vətəndaşın üzərinə yıxırıq. Qanunu sərtləşdirmək qayda-qanun yaratmaq deyil. O qanuna nəzarət mexanizmini həyata keçirənlərin məsuliyyətini artırmaq lazımdır, hər şeyi vətəndaşın üzərinə qoymaq olmaz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Amma deyim ki, sən yenə sürücülərə savadsız dedin. Burada oturanların neçəsi sürücüdür? Sən özün də sürücüsən. Söhbət avtobus sürəndən yox, ümu-miyyətlə, sürücülərdən gedir. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Burada çıxış edənlərin hamısı bunu dəstəklədi. Mən xahiş edirəm, səsə qoyaq, qəbul edək.
Həmkarımız İqbal müəllim burada çıxış etdi. Bu məsələlər 10 ildir ki, İnzibati Xətalar Məcəlləsində var. Biz bunun dispozisiyasından danışmırıq. Burada söhbət onun sanksiyalarından gedir. 10 ildən artıqdır ki, hamısı İnzibati Xətalar Məcəlləsində formalaşıbdır. Əgər o, İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsi ilə yeni dispozisiya təqdim etmək istəyirsə, yazılı şəkildə Əli müəllimə verə bilər. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Əli müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.22 dəq.)
Lehinə 104
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi  0 
İştirak edir 109 
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti 2 məsələ inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. Tahir Rzayev, xahiş edirəm, 2 qanunu bir yerdə təqdim edin, səsverməni ayrı keçirərik. 
T.Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi ölkədə həyata keçirilən səmərəli islahatların tərkib hissəsi olmaqla sosial-iqtisadi inkişafın nəticəsidir. Bu sənəd idarəetmənin daha da təkmilləşməsinə, icra orqanları ilə əlaqənin daha da yaxınlaşmasına, möhkəmlənməsinə, insanların tələb və ehtiyaclarının daha dolğun ödənilməsinə xidmət edir.
Sahə inzibati ərazi dairələrinin yaradılması həm də həmin sahələrdə sosial-iqtisadi inkişafa, tikinti abadlıq işlərinin sürətlənməsinə təkan verir. Müzakirənizə verilən qanun layihəsinə əsasən respublikamızın müvafiq şəhərləri üzrə 36 sahə inzibati ərazi dairəsinin yaradılması nəzərdə tutulur. Belə ki, Bakı şəhər Binəqədi rayonunun tərkibində 2, Xətai rayonunun tərkibində 4, Nərimanov rayonunun tərkibində 3, Nəsimi rayonunun tərkibində 2, Nizami rayonunun tərkibində 3, Səbail rayonunun tərkibində 2, Yasamal rayonunun tərkibində 4, Gəncə şəhər Kəpəz rayonunun tərkibində 2, Nizami rayonunun tərkibində 2, Lənkəran şəhərinin ərazisində 1, Mingəçevir şəhərinin ərazisində 2, Naftalan şəhərinin ərazisində 1, Sumqayıt şəhərinin ərazisində 4, Şirvan şəhərinin ərazisində 1, Yevlax şəhərinin ərazisində 1 inzibati ərazi dairəsi yaradılır. Qanunvericiliyə uyğun olaraq sahə inzibati ərazi dairələrinin yaradılması üçün bütün lazım olan sənədlər tərtib edilib təqdim olunmuşdur.
8-ci məsələ ilə əlaqədar məlumat verirəm. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsinə əsasən Naxçıvan şəhərinin tərkibində 4 inzibati ərazi dairəsi yaradılması nəzərdə tutulur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi  0 
İştirak edir 101 
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.22 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi  0 
İştirak edir 101 
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Qanun layihəsini Rafael Cəbrayılov təqdim edir. Buyurun.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, icazə verin, 3 qanun layihəsini birlikdə təqdim edim, çünki onlar bir-biri ilə sıx əlaqəlidir. 
Sədrlik edən. Buyurun.
R.Cəbrayılov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli qonaqlar! Sərbəst toplaşmaq azadlığı ən vacib insan hüquqlarından olub, demək olar ki, dünyanın bütün tərəqqipərvər dövlətlərinin konstitusiyalarında təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu 1998-ci ildə qəbul olunub. Hələ hazırlanarkən Avropa Şurası Venesiya komissiyasının müsbət rəyini almış bu qanun Azərbaycan Respublikasının qoşulduğu bütün insan hüquqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının təsbit edildiyi beynəlxalq konvensiyalara uyğundur. Nə qədər mükəmməl olsa belə, statistik təsisat olan qanunun zamanla ayaqlaşmadığı, dinamik inkişaf edən cəmiyyətin səviyyəsindən geri qaldığı üçün əlavə və dəyişikliklərə məruz qalması təbii bir haldır. 
Birinci qanun layihəsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun özünə edilən əlavə və dəyişikliklərdir. Birinci dəyişiklik 5-ci maddənin ikinci hissəsinin 6-cı bəndinə edilir. Burada təşkilatçıya olan tələblərdən söhbət gedir. Bu gün qüvvədə olan redaksiyaya görə təşkilatçının yalnız fiziki şəxslər olması görünür, onun hüquqi şəxslər olması qanunun hərfi mənasından görünmür. Ona görə də bu bənddə onun hüquqi şəxslər olması məqsədi ilə dəyişiklik aparılıb.
İkinci təklif qanunun 6-cı maddəsinin birinci hissəsinədir. Bu gün praktikada toplantıların təşkilatçısının bir və ya bir neçə hüquqi və ya fiziki şəxs ola bilməsi məhz bu hissədə də əhatə olunmayıb. Ona görə də təşkilatçının “bir və ya bir neçə hüquqi şəxs və ya fiziki şəxs” olması ifadəsi 6-cı maddənin birinci hissəsinə daxil edilib.
İkinci layihə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Əvvəla, onu deyim ki, bu layihədə təkcə sərbəst toplaşmaq azadlığı ilə bağlı deyil, həm inzibati qanunvericilik, həm də cinayət qanunvericiliyi üçün çox əhəmiyyətli dəyişikliklər var. Birincisi, Cinayət Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş “ictimai işlər” adlı cəzanın inzibati tənbeh tədbiri kimi İnzibati Xətalar Məcəlləsinə gətirilməsindən söhbət gedir. Çünki bu gün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində cəmi 7 tənbeh tədbiri var ki, bunlardan da üçü əsasdır. Üçündən də əgər xəbərdarlığı nəzərə almasaq (çox yüngül bir tənbeh tədbiridir), inzibati cərimə ilə inzibati həbs qalır ki, bunların da inzibati hüquq normalarının, demək olar, hamısının sanksiyasında cərimə və inzibati həbsdir. Düşünürəm ki, məhkəmə çox primitiv bir dilemma qarşısında qalır. Ya inzibati həbs, ya da inzibati cərimə. Bu baxımdan yeni bir inzibati tənbeh tədbirinin nəzərdə tutulması məqsədi ilə Cinayət Məcəlləsində olan ictimai işlərin İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbiri kimi gətirilməsi, düşünürəm ki, vacibdir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə 313-2-ci maddə əlavə olunur ki, bu da İnzibati Xətalar Məcəlləsindəki bugünkü boşluqla əlaqəlidir. Çünki şəxs inzibati cərimənin ödənilməsindən imtina edəndə hansı tədbirlər görüləcək sualına bu gün İnzibati Xətalar Məcəlləsi cavab verə bilmir. Buna görə də inzibati cərimənin ödənilmədiyi, ictimai işlərin görülmədiyi, bundan boyun qaçırıldığı halda hansı tədbirlərin görüləcəyi barədə prosedur qaydalar 313-2-ci maddədə öz təsdiqini tapıb.
Bundan başqa, bu maddənin İnzibati Xətalar Məcəlləsinə daxil olması ilə bağlı olaraq 159-1-ci maddənin məcəllədən çıxarılması təklif olunur. Bununla yanaşı, məcəlləyə 456-1-ci yeni maddə əlavə olunur ki, burada da söhbət ictimai işlərin icrasından gedir.
Cəmiyyətdə birmənalı qarşılanmayan ən fundamental dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 298-ci və 49-cu maddələri ilə bağlıdır. Bu gün İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi bir hissədən olub yalnız qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə təşkil olunmuş toplantıların təşkilatçısı üçün inzibati məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, bu gün qüvvədə olan maddədə qanunsuz toplantıların iştirakçıları üçün məsuliyyət  müəyyən edilməyib. Lakin dünyanın digər ölkələrinin böyük əksəriyyətində təşkilatçı və iştirakçı arasında fərq qoyulub, bunların məsuliyyəti fərdiləşdirilib.
Mən düşünürəm ki, qanunvericiliyə uyğun olmayan toplantılarda iştirakçı ilə təşkilatçının məsuliyyətini fərqləndirmək lazımdır. Bu əməlin insanların hüquqlarının kütləvi şəkildə pozulması təhlükəsi ilə müşahidə olunduğunu nəzərə alsaq, onların məsuliyyətinin fərqləndirilməsi, düşünürəm ki, məqsədəuyğun olardı. Belə ki, Belarus, Moldova, Qa-zaxıstan, Rusiya, Tacikistan, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa və sair ölkələrin analoji qanunlarında iştirakçı ilə təşkilatçıların məsuliyyəti arasında fərq qoyulmuşdur.
İkinci, bu dəyişikliyi zəruri edən hal ondan ibarətdir ki, maddənin həm dispozisiya, həm də sanksiya hissəsində bir hüquqi uyğunsuzluq vardır. Maddənin sanksiya hissəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həmin əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Əgər maddənin sanksiya hissəsinə fikir versək, görərik ki, burada xəbərdarlıq və 7 manatdan 13 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə nəzər yetirsək, görərik ki, inzibati tənbeh tədbirinin 2 məqsədi var. Bunlardan birincisi insanı qanunlara əməl etmək ruhunda tərbiyə etmək, ikincisi isə onu və digər şəxsləri yeni qanun pozuntuları törətməkdən çəkindirməkdir. Mən düşünürəm ki, 7 manatdan 13 manatadək cərimə və xəbərdarlıq qanun pozuntusu törədən şəxsi nə tərbiyə edə, nə də onu yenidən qanun pozuntusunu törətməkdən çəkindirə bilər. Sanksiya hissəsi ilə maddənin dispozisiyası arasındakı hüquqi disbalans olmasının mən bəzi maddələri sadalamaqla daha əyani şəkildə nəzərinizə çatdırmaq istəyirəm. Hörmətli həmkarlar, onu da nəzərinizə çatdırmaq istəyirəm ki, sərbəst toplaşmaq azadlığı ilə bağlı təqdim etdiyim 3 layihəyə ayrıca götürülmüş bir layihə kimi baxmayasınız, çünki bu bizim son dövrdə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə dəyişikliklərlə əlaqədar gördüyümüz işin bir tərkib hissəsidir.
Son 7 ildə biz həm İnzibati Xətalar Məcəlləsinin, həm də Cinayət Məcəlləsinin üçdə bir hissəsində dəyişiklik aparmışıq. Mən çox xahiş edərdim, sadaladığım maddələrin sanksiyası ilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun pozulması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutan 298-ci maddənin sanksiyasında olan cərimələri müqayisə edəsiniz. İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyatda biletsiz getmə” adlı 149.4-cü maddəsində 35 manatdan 40 manata qədər, “Bazarda və yarmarkalarda ticarət qaydalarının pozulması” adlı 239-cu maddəsində 10 manatdan 40 manata qədər, “İt və pişik saxlama qaydalarının pozulması” adlı 126-cı maddəsində 20 manata qədər cərimə nəzərdə tutulub. Göründüyü kimi, qanunsuz mitinqlərin, qanunsuz toplantıların keçirilməsi ilə bağlı isə xəbərdarlıq və 7 manatdan 13 manata qədər cərimə nəzərdə tutulur. Yəqin, mənimlə razılaşarsınız ki, ictimai təhlükəlilik dərəcəsi baxımından it və pişik saxlama qaydalarının pozulması qanunsuz toplantıların keçi-rilməsi ilə müqayisədə heç də ağır qanun pozuntusu deyil. Biz bütün bu uyğunsuzluqları aradan qaldırmışıq.
Bir çox maddələri biz dövrün yeni tələblərinə uyğunlaşdırmışıq. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi “Meşədə özbaşına meyvə, qoz-fındıq, göbələk, gilə-meyvə yığmaq” adlanır. Burada fiziki şəxslər üçün 400 manatdan 600 manata qədər cərimə müəyyən etmişik. Özü də bunu çoxdan etməmişik. Vəzifəli şəxslər üçün 2 mindən 2500 manatadək, hüquqi şəxslər üçün isə 5 min manatdan 6 min manatadək cərimə müəyyən etmişik. Yəni düşünürəm, bu müqayisə göstərir ki, İnzibati Xətalar Məcəlləsində bu sanksiyaların dəyişilməsi zəruridir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 49-cu maddəsində də dəyişiklik etmişik və düşünürəm ki, bu məhz ən vacib dəyişikliklərdən biridir. Lakin nədənsə cəmiyyətdə heç kim 49-cu maddə ilə maraqlanmır, çünki bu, obrazlı desək, siyasi şou düzəltmək üçün yararsız maddədir. Söhbət qanuni mitinqlərin keçirilməsinə mane olmaqdan gedir. Burada da sanksiyalar sərtləşdirilib. Fiziki şəxslər üçün 1500 manatdan 3000 manatadək, vəzifəli şəxslər üçün 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər üçün isə 15000 manatdan 30000 manatadək miqdarda cərimə müəyyən olunub. Göründüyü kimi, söhbət yalnız qanunsuz toplantıların keçirilməsinə deyil, həm də qanuni mitinqlərin pozulmasına qarşı dövlətin apardığı mübarizədən gedir.
Sonuncu layihə Cinayət Məcəlləsinə olunan dəyişiklikdir. 47-ci maddədə ictimai işlər cəzasının aşağı və yuxarı hədlərinin artırılmasından söhbət gedir. Qeyd etdiyim kimi, bu cəza növü inzibati tənbeh tədbiri kimi İnzibati Xətalar Məcəlləsinə daxil edildiyindən burada onun aşağı və yuxarı həddinin artırılması zəruridir. Ona görə 60 saatdan 240 saata qədər olan ictimai işlərin 240 saatdan 480 saata qədər olması təklif olunur.
169-cu maddə ilə bağlı qeyd edim ki, qanunsuz toplantılar zamanı vətəndaşların hüquqları və qanunla qorunan mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, bu, artıq cinayət əməlidir. Buna görə də cərimə 5000 manatdan 8000 manatadək qaldırılmışdır. Köhnə, bu gün qüvvədə olan mətndə bu, 5000 manata qədərdir. Cinayət cəzası üçün alternativ cəzaların içərisində 500 manata qədər cərimə, 2 ilə qədər islah işi və 3 ilə qədər həbsdən söhbət gedir. Ən sadə məntiqlə yanaşsaq, 500 manatın 3 ilə qədər həbs cəzasının alternativi olmadığı ortadadır.
Bundan başqa, birbaşa sərbəst toplaşmaq azadlığı ilə bağlı olmasa belə, Cinayət Məcəlləsinin 233-cü maddəsində, ictimai asayişin pozulması ilə müşayiət olunan əməllərin təşkil edilməsi və bu əməllərdə fəal iştirak etməkdən söhbət gedir. Burada da həmin cəzaların tətbiq olunması təklif olunur.
Hörmətli həmkarlar, bu qanun layihələri hazırlanarkən dünyanın 30-dan artıq ölkəsinin təcrübəsi öyrənilib. Lakin biz heç bir ölkənin qanununu bir model kimi götürmək fikrində deyildik, çünki ölkə Prezidentinin bununla bağlı çox maraqlı bir fikri var: “Azərbaycan heç kəsi təqlid etmir, yalnız Azərbaycan xalqının və dövlətinin, o cümlədən inkişafımızın xüsusiyyətlərinə uyğun olan qabaqcıl təcrübəni əxz edir. Mən düşünürəm ki, bu, əvvəlcə söylədiyim kimi, son 7 ildə inzibati və cinayət məcəllələrinin maddələrinin təxminən üçdə bir hissəsinə etdiyimiz dəyişikliklərin tərkib hissəsidir. Düşünürəm ki, layihəyə səs versəniz, bu, Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsinə, inzibati və cinayət qanunvericiliyində hüquqi tənzimlənmənin daha da dəqiqləşdirilməsinə imkan verəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən istəyirəm, üç dəyişiklik barədə qısa dəyərləndirmə ortaya qoyam. Burada üç xarakterli dəyişiklik var. Birincisi müs-bət, ikincisi mürtəce, üçüncü isə mənasız dəyişiklikdir. Birincisi, qanuni mitinqlərə mane olmağa görə məsuliyyət müəyyən olunması odur ki, dövlət demokratik hüquqların qorun-ması istiqamətində ciddi bir addım atmaq niyyətindədir.
Mənasız dəyişiklik sərbəst toplaşmaq azadlığı haqqında qanun layihəsinə olan dəyişikliklərdir. Burada, xüsusilə 5-ci maddədə söhbət eyni sözün başqa bir formada təkrar olunmasından gedir. “Toplantı təşkilatçıları barədə məlumat”. Öncəki variantda eyni sözdür, eyni ad, soyad və ünvan yazılıb. Bu dəyişikliyə, məncə, xüsusi ehtiyac yoxdur. İkinci də bu kimi tədbirlərdə təşkilatçının, həm də hüquqi şəxsin üzərinə bu qədər məsuliyyət qoyulması, məncə, yanlışdır. Bir partiya sədri qərar qəbul eləyə bilər ki, filan tədbir keçirilsin. Sabah qurultay keçirilər, o, vəzifəsindən çıxarıla bilər. Onun atdığı addımın bütün partiyaya şamil edilməsi konkret siyasi hüquqları həyata keçirərkən yanlış qəbul olunacaq.
Bu dəyişiklik nəyi göstərir? Dəyişiklik onu göstərir ki, Azərbaycana qarşı, ümumiyyətlə, beynəlxalq təşkilatların, bizə düşmən olan qurumların hansısa addım atmasına ehtiyac yoxdur. Biz elə özümüz o addımları yavaş-yavaş atırıq. Onsuz da heç kim icazəsiz mitinq keçirə bilmir. Onsuz da istədiyinizi tutursunuz, istədiyinizi buraxırsınız, istədiyinizi cəzalandırırsınız. Bu olmayan yerdə əlavə olaraq ölkəyə qarşı müəyyən fikirlərin səslənməsinə bilərəkdən, elə bil, şərait yaradırıq.
İnzibati Xətalar Məcəlləsinə ictimai işlər məsələsinin şamil edilməsinə baxın. Əvvəla, təşkilatçıların niyyətinə baxmaq lazımdır. Əgər təşkilatçının niyyəti təxribat yaratmaqdırsa, Cinayət Məcəlləsində bununla bağlı kifayət qədər maddə var. Qəsdən ictimai asayişi pozmaq, təxribat yaratmaq, dövlət orqanlarının fəaliyyətinin normal çalışmasına mane olmaq – bunlar var, bunu etmək olar. Bu niyyət yoxdursa, kimsə xoş niyyətlə yürüş, mitinq təşkil eləyibsə və sonradan bu təxribatçıların fəaliyyəti ilə bir istiqamətə yönəlirsə, təşkilatçını birbaşa bu qədər məsuliyyət altında qoymaq tamamilə yanlışdır.
İctimai işlər deyirsiniz. İctimai işləri tətbiq eləmək üçün mitinq keçirməyə ehtiyac yoxdur. Elə onları göndərin rayonlara, icra başçıları onsuz da bütün müəllimlərə, həkimlərə küçə süpürtdürür, ağac əkdirir, müxtəlif yerləri təmizlətdirir, əhənglətdirir. Siz görmürsünüz ki, artıq Azərbaycanda müəllimlər dərsdən çox ancaq küçələri necə təmizləmək qayğısına qalırlar? Yəni bunu yığışdırmaq lazımdır. Bunun əvəzinə əksini edirsiniz. İctimai işləri kim müəyyən eləyir? Müvafiq icra hakimiyyəti. Müvafiq icra hakimiyyəti hansı siyahı ilə müəyyən edir? Çox üzr istəyirəm, ayaqyolu təmizləməyi də o siyahıya salacaq. Bir siyasi lideri mitinq keçirdiyinə görə qanunsuz aparıb onu təmizlədəcək? Belə şeymi olar? Ya belə yanaşma olar? Siyasi partiyalara, siyasi, ictimai qüvvələrə bu qədər bayağı, aşağılayıcı bir tonda yanaşmaq olmaz. Bu, hüquqdur. Bu hüququn qanuni şəkildə keçirilməsinə, sadəcə, çalışmaq lazımdır. Bunun üçün müəyyən yerlərin ayrılması vacibdir. Çox vaxt hakimiyyət imkan yaradır və bir çox hallarda müxalifətdə qabiliyyəti, səviyyəsi olmayan adamlar ancaq mitinq keçirməməklə gündəmdə qalırlar. Keçirəndən sonra ona 10 dəqiqə efir ver, gör nə danışacaq? Hansı fikri, ideyanı deyəcək? Əksinə, buraxın 10 min adam şəhərdən kənarda bir yerə yığışsın, sözünü desin. Bunu məhdudlaşdıranda elə bilirlər, bəlkə o, qızıl xırdalayacaq. Ona görə hesab edirəm ki, bu cür məsələlərdə məhdudlaşdırıcı addımlardan yayınmaq olduqca vacibdir.
Digər tərəfdən, Cinayət Məcəlləsinin 169.1-ci maddəsində göstərilir: “Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda” cərimə tətbiq olunur. Konvensiyaya zidd olan addımların atılması artıq bizim üçün ənənəyə çevrilməməlidir. Biz “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın tələblərinə tamamilə zidd bir müddəanı qanunvericiliyə gətiririk. Baxın orada nə nəzərdə tutur? Mən Paktın 21-ci maddəsini oxumuram. Amma orada məhdudiyyətdən söhbət gedir. “...Başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz”. Hüquqda qadağa ilə məhdudiyyət eyni anlayış deyil, axı? Məhdudiyyətdən söhbət gedirsə, bu, qadağa demək deyil. Qadağa hansısa əməlin, hərəkətin, hərəkətsizliyin qəbul olunmaması deməkdir. Məhdudiyyət isə onu qismən, müəyyən zamana, məkana görə...
Sədrlik edən. Bir dəqiqə vaxt verirəm, amma bundan sonra heç kim əlavə vaxt istəməsin.
F.Mustafa. Təşəkkür edirəm. Hesab edirəm ki, bu dəyişikliklərin bu gün qəbul olunmaması bizim bu məsələyə daha çox məntiqli yanaşmamızın nəticəsi olar. Qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur. Bu ölkənin üzərində onsuz da təzyiqlər var. Bu, tətbiq olunacaq, olunmayacaq, dəxli yoxdur. Yenə beynəlxalq təşkilatların (demirəm, nəzərə almırıq, başa düşdük, amma həm də nəzərə alırıq, axı) əlavə təzyiqlərinin Azərbaycana qarşı yönəlməsinin əleyhinə olduğuma görə bu dəyişikliklərin əleyhinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Dediyiniz iki məsələyə münasibət bildirmək istəyirəm. Deyirsiniz ki, partiya rəhbəri. Bəyəm partiya rəhbəri qanunsuz mitinq keçirmək barədə qərarı təkbaşına qəbul edir? Ya qurultayın, ya da partiya təşkilatının qərarı olur. Qərarla qəbul edirlər. Bu heç vaxt bir nəfərin üzərinə düşmür.
İkincisi, Siz dediniz ki, şəhərin kənarında. Şəhərin kənarında yox, mitinq keçirmək üçün 5 yer ayrılıb. O yerlərin heç birinə getmək istəmirlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna riayət olunur, yer də təklif olunur. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən bütövlükdə həm “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri bütövlükdə Azərbaycanın, cəmiyyətin demokratikləşməsinin ziyanına hesab edirəm. Hesab edirəm ki, burada ayrı-ayrı müddəaları pərdələmək üçün təşkilatçılarla və digərləri ilə bağlı mövqe ifadə olunur. Bu zərurət nədən yaranıb? Niyə bu gün bu zərurət meydana çıxıb? Niyə hər seçki öncəsi Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və yaxud da seçkilərlə bağlı digər sənədlərə bu tipli mürtəce əlavə və düzəlişlər edilir? Bunlar kimə xidmət edir? Mən hesab edirəm ki, hakimiyyət nümayəndələri, o cümlədən qanunvericilik təşəbbüsü ilə çıxış eləyən deputat həmkarımız bunun fərqində olmalı idi.
Burada müxtəlif ölkələrdən, itdən, pişikdən misallar gətirildi. Lüksemburqda vətəndaşın illik gəliri 60 min avrodur. Bəli, orada tətbiq oluna bilər. Azərbaycanda nə qədərdir? Sabah büdcəni müzakirə edəcəyik, bilirsinizmi Azərbaycanda vətəndaşın illik gəliri nə qədərdir? Hansı miqdarda cərimə tətbiq edirsiniz? Bəli, İsveçrədə bu cərimələr var, amma illik gəlir 50 min avrodur. Azərbaycanda vətəndaşın illik gəliri nə qədərdir? Bu qanunvericilik orqanını təmsil edən millət vəkillərinin illik gəliri nə qədərdir? Siz hansı fantastik rəqəmlərlə bunu müəyyən etmisiniz?
Bu, birbaşa “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına qarşı yönəlmiş bir qanun layihəsidir. Bu tipli məsələlərlə, əslində, kimsə düşünməsin ki, Azərbaycana xeyir verir. Məndən əvvəl çıxış edən həmkarımız dedi, Azərbaycana ciddi şəkildə ziyan verirlər. Həm beynəlxalq aləmdə, həm də daxildə siyasi partiyaların, vətəndaşların, ayrı-ayrı sosial qrupların hüquq və azadlıqlarına bilavasitə hakimiyyət tərəfindən müdaxilədir.
Siz deyirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyəti qanunvericiliklə qadağan olunmuş qaydada mitinqdən imtina edir. Bütün hallarda Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, bütövlükdə bu sahədə Azərbaycan qanunlarını ayaqlarının altına alıb tapdalayırlar, heç bir məsuliyyət də onların üzərinə qoyulmur. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə görə 11 rayonun hər birində qapalı və açıq yerlər üçün qabaqcadan elan olunmuş siyahı olmalıdır. Hanı o yerlər? Niyə bütün mitinqlərin hamısına “20-ci sahə” göstərilir? Bunun cavabdehi olan tərəf niyə hüquqi məsuliyyət daşımır, məhkəmə qarşısında dayanmır, cavabdehlik və məsuliyyət onlardan sorulmur?
Bəli, bir “20-ci sahə” tətbiq olunduğuna görə Fəvvarələr meydanına da, Milli Məclisin qarşısına da, başqa yerlərə də çıxacaqlar. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda məsafələr çox aydın müəyyən olunub. “Qələbə” kinoteatrının qarşısında necə mitinqə icazə verilməyə bilər? Konkret olaraq yazılıb ki, dövlət orqanlarından hansı məsafələrdə yerləşəndə mitinq keçirməyə icazə verilmir. Bakı Şəhər İcra Hakimiyyəti nə özündən yerlər və yaxud da mövqelər icad edir?
Tətbiq olunan cərimələrin miqdarı, o cümlədən hüquqi məsuliyyətin cəza müddətinin müəyyən olunması sabah mitinqə çıxan, mövqe ifadə etmək istəyən insanların hamısını qabaqcadan qorxutmaq və təhdid etmək elementidir. Bunu təkcə biz bu cür deməyəcəyik, beynəlxalq aləm də deyəcək. Haqlı olaraq da bu cür deyəcək.
ATƏT-in Bakı ofisinin bununla bağlı sərt bəyanatı səsləndi. Digər ölkələr də səsləndirəcək. Sonra deyirsiniz ki, bizə qarşı təzyiqlər olur. Niyə olunmasın? Çünki Avropa Şurasının üzvü, Avropa Birliyi ilə Yaxın qonşuluq və Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edən bir ölkədə bu tipli dəyişikliklər olmur. Bu, Rusiya təcrübəsidir. Bəli, Rusiya burada qanunların tətbiqində bir nümunədir. Rusiya demokratik ölkə deyil, olmayıb, olmayacaq da. Rusiyadan nümunə götürmək əvəzinə Avropa Birliyindən, Amerika Birləşmiş Ştatlarından, demokratik idarəetməni yaşam tərzi kimi seçmiş ölkələrdən nümunə götürmək lazımdır. Mən hesab edirəm, bu qanun təkcə cəmiyyətin ziyanına olmayacaq, ciddi şəkildə hakimiyyətin də ziyanına işləyəcək. Buna görə də millət vəkillərini və qanunvericilik təşəb-büsü ilə çıxış edən deputat həmkarımızı bundan imtina etməyə çağırıram və qanun layihəsinin əleyhinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar, mən bir-biri ilə əlaqədar olduğu üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qa-nununa və İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklərə münasibətimi bildirmək istəyirəm. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi hər kəsin sərbəst toplaşmaq azadlığının olmasını təsbit etmişdir. Hər bir vətəndaş başqaları ilə birlikdə sərbəst toplaşaraq müxtəlif formalarda öz fikirlərini cəmiyyətə çatdıra bilər. Azərbaycan dövləti bu hüququn reallaşdırılmasına təminat verərək bunun üçün müvafiq şəraiti yüksək səviyyədə təmin edir. Bu baxımdan qeyd edilən qanunvericilik aktlarına təklif edilmiş dəyişiklikləri sərbəst toplaşmaq azadlığının reallaşdırılması ilə bağlı hüquqi münasibətlərin tənzimlənməsini təkmilləşdirəcəyini hesab edirəm.
Hesab edirəm ki, bu cür toplantıları təşkil edən şəxslər həm hüquqi, həm də mənəvi öhdəliklər daşıyırlar. Toplantının təhlükəsizliyini təmin etmək üçün dövlət orqanlarında toplantı təşkilatçıları barədə ətraflı məlumat olmalıdır. Eyni zamanda, mən bir pedaqoq kimi bildirmək istəyirəm ki, bəzən təhsil alan gənclərin müəyyən təsir altına düşərək belə toplantılara cəlb edilməsi halları ola bilər. Bu baxımdan təşkilatçıların kim olması, hansı məqsədlər daşıması mütləq araşdırılmalıdır. Buna görə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliyi dəstəkləyirəm.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin də lehinə səs verəcəyəm. Bu dəyişikliklərə görə bir sıra hüquqpozmaların cərimələri artırılacaq. Hesab edirəm ki, qanun pozuntusuna görə nəzərdə tutulan hər hansı cəza, sanksiya yalnız həmin hüquq pozuntusu törətmiş şəxsi cəzalandırmamalıdır. Həmin cəza bir tərəfdən gələcəkdə şəxsin yenidən eyni əməllərə yol verməməsi üçün çəkindirici funksiya daşımalıdır. Digər tərəfdən gələcəkdə eyni hüquqpozmalara yol verə biləcək digər şəxslərin də qanunu pozmasına mane olmalıdır.
Ümumiyyətlə, təşkilatçılarla iştirakçıların fərqləndirilməsi, onların müxtəlif məbləğlərdə cərimə edilməsi daha doğru olardı. Əvvəlcədən bilərək qanunu pozan, başqalarını da buna çağıran, müxtəlif yollarla onları təsir altına alan təşkilatçılar bir sıra hallarda özləri bu cür toplantıların iştirakçısı olmurlar və ya bundan yayınırlar. Bütün bunları nəzərə alaraq təşkilatçıların iştirakçılara nisbətən daha yüksək hüquqi məsuliyyət daşımaları təbii qarşılanmalıdır.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu gün beynəlxalq təcrübədə məhz maliyyə cərimələri yolu ilə insanları cəzalandırmaq ön plana çəkilir. Psixoloqlar da qeyd edirlər ki, müasir dövrdə insanlara məhz maliyyə təsirlərinin edilməsi, onların təbiricə desək, “cibdən cəzalandırma” insanları hüquq pozuntularından, müxtəlif qadağalardan çəkindirmək üçün ən yaxşı yoldur. Qərbi Avropa mütəxəssislərinin fikrincə, vətəndaşı pulqabından cəzalandırmaqla onları gələcəkdə birdəfəlik bu cür hərəkətlərdən çəkindirmək mümkündür. Bu baxımdan təklif edərdim ki, gələcəkdə digər cəza növləri ilə müqayisədə cərimələrin məbləğinin artırılmasına daha çox diqqət yetirilsin. Bu təkliflərlə çıxış etmiş və edəcək həmkarlarıma təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu qanun layihəsinin istər komitədə, istərsə də indiki müzakirəsində dəyişikliklərə tərəfdar olduğumu bildirmişəm. Hesab edirəm ki, deputat həmkarlarım da öz fikirlərini deyəcək və buna səs verəcəklər. Ona görə səs verəcəklər ki, burada açıq-aydın bir məsələ yazılır. Bəzən həmkarlarımız ictimaiyyəti çaşdırırlar ki, cərimənin məbləği çoxdur, vətəndaş bunu verə biləcək, verə bilməyəcək, onun əmək haqqı nə qədərdir? Söhbət ondan gedir ki, qanunsuz keçirilən aksiyada... Kim qanuni aksiya keçirirsə, getsin keçirsin, ondan nə cərimə alan, nə də onu icbari işlərə cəlb edən var və sair. Sadəcə, burada söhbət ondan gedir ki, bu sanksiyalar qanunsuz keçirilən aksiyanın təşkilatçılarını tamamilə düzgün olaraq müxtəlif cərimələrlə cəzalandırmalı və vətəndaşı qanunsuz aksiyalardan uzaqlaşdırmalıdır.
Avropa hüququnda da, Avropa İnsan haqları Konvensiyasında da göstərilir ki, hüquqlar digərlərinin hüquqlarını pozduqda məhdudlaşdırılır. Bu dəyişikliklərin mahiyyəti, məğzi ondan ibarətdir ki, digərinin hüququnu, ictimai təhlükəsizliyi pozma, gərginlik yaratma, mətbuat, sərbəst toplaşmaq azadlığından istifadə edə bilərsən. Bunun üçün müvafiq yerlər ayrılıb, dəfələrlə orada tədbirlər keçirilib. Onların təhlükəsizliyi kimliyindən asılı olmayaraq, polis tərəfindən müvafiq şəkildə qorunub. Onlar da Azərbaycan vətəndaşıdırlar və dövlət onların da təhlükəsizliyinə cavabdehdir.
İnsanların təhlükəsizliyini təmin etmək üçün müvafiq yerlər müəyyənləşdirilib. Sadəcə olaraq, bu insanların sosial bazası, elektoratı olmadığına görə və özlərini xaricdəki ağalarına göstərməkdən ötrü sərbəst toplaşma azadlığını pozaraq toplantılarını vətəndaşların istirahət etdikləri, işlədikləri, çalışdıqları yerlərdə keçirməyə çalışırlar ki, orada toplaşan insanları bu işə cəlb edib, onların şəklini çəkdirib Avropanın bəzi ölkələrinə göstərsinlər. Burada dedilər ki, Rusiya təcrübəsindən deyirlər, demokratik Avropa ölkələrindən misal göstərilmir. Fransanı, Böyük Britaniyanı göstərə bilərəm, qanunsuz aksiyanı at ayaqlarının altında dağıdırlar. Bu günlərdə Yunanıstanda su şırnağı ilə necə vurdularsa, birinin 3 qabırğası birdən getdi. Azərbaycan polisi çox mədəni şəkildə yaxınlaşır, müraciət edir, mən dəfələrlə müşahidə etmişəm. Bir dəstə arvadı öyrədirlər, polisin bütün nəslini-nəcabətini üzünə söyürlər, onu elə həddə çatdırırlar ki, məcburiyyət qarşısında qalır. Bunu da etmir. Baxmayaraq ki, bu insanlar onu təhqir edirlər. Bu hərəkətləri öyrədilmiş adamlar edirlər.
Burada deyirlər ki, filan ölkə nə düşünəcək, beynəlxalq təşkilatlar nə düşünəcək? Gördük də beynəlxalq təşkilatın münasibətini. Azərbaycan dövləti qanuni şəkildə Ramil Səfərovu əfv etdi, bir erməninin dəstəyinə görə hərəsi bir qanunsuz bəyanat verdi. Bu qanunda müddəaların hamısı qızıl hərflə yazılsaydı, onda onlar bəhanə axtarıb tapmayacaqdılar? Onların bəhanələri həmişə əllərindədir, həmişə də bu addımı atırlar.
Amerika Birləşmiş Ştatlarında qanunsuz aksiyaçıların əl-qollarını rezin iplərlə bağlayıb, özü də diz üstündə oturdurlar. Ayağa qalxmağa imkan vermirlər, dizi üstünə çökdürürlər. Keçən il Böyük Britaniyada baş verən hadisələrlə bağlı Böyük Britaniyanın Baş naziri çıxış etdi ki, qanunları sərtləşdirmək lazımdır və sərtləşdirdilər də. Bir qara dərili insanı öldürmüşdülər, ona görə də insanlar iğtişaş törədirdilər. Həmin insanların başına hansı oyunları açdıqları hamının gözü qarşısındadır.
Təbii ki, qanunu pozan şəxs istər icbari işə cəlb olunmaqla, istərsə də maddi cəhətdən cəzalandırılmalıdır. Hamınız dediniz ki, sərxoş sürücünün cəzasını və yaxud ondan alınan cəriməni bir az da artıraq və sair. Əhalinin mülkiyyətinə, onun səhhətinə və digər strukturuna ziyan vuran insanın cəriməsi niyə artıq olmamalıdır? Söhbət, yenə deyirəm, qanunsuz keçirilən aksiyalardan gedir. Kim istəyir, qanunla buyursun, keçirsin. Keçirə bilmirlər, çünki sosial baza və elektorat yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ ol. Sən sərxoşluqdan danışırsan. Amma sərxoş deyil, şüurlu edirlər, məqsəd güdürlər. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün müzakirəmizə təqdim olunan “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişikliklər bir neçə müddətdir ki, Azərbaycan mətbuatında ajiotajla müzakirə olunur. İnsanların sərbəst toplaşmaq hüququnun pozulduğu göstərilir. Qeyd olunur ki, Konstitusiyanın sərbəst toplaşmaq azadlığı haqqında müddəaları pozulur. Xeyr, bu belə deyil. Əslində, ana qanunumuz olan Konstitusiyada ayrı-ayrı sahələri əhatə edən müddəalar vardır. Bunlardan biri də insanların azad toplaşmaq, fikirlərini azad ifadə etmələri haqqında maddələrdir. Bundan çıxış edərək Milli Məclisin qəbul etdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu vardır. Bu qanun Azərbaycan Konstitusiyasının müddəalarını, bir çox beynəlxalq konvensiyaların demokratik dəyərlərini əks etdirən tələblərini bütünlüklə ifadə edir. İnsanların sərbəst toplaşmaq, fikirlərini ifadə etmək azadlıqlarının hüquqi müstəvisini tam və aydın şəkildə özündə əks etdirir. Hesab edirəm ki, bu məsələdə ajiotaj qaldırmaq, hüquqların pozulması haqqında fikirlər yürütmək mənasız bir işdir.
Məndən əvvəl çıxış edən hörmətli həmkarımız, millət vəkili Siyavuş müəllim çox açıq və konkret, lakonik olaraq göstərdi ki, bu qanuna dəyişikliklər qanunsuz şəkildə keçirilən aksiyalara, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu pozan hallara aid edilir. Yəni bu cərimələr “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu pozan insanlara aid ediləcəkdir. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir, qanunların aliliyinin, Konstitusiyanın təmin edilməsi üçün onun qarantı ölkənin Prezidenti, dövləti vardır. Təbii ki, qanunların pozulmasına heç kim imkan verə bilməz və qanunların pozulması ölkənin dayaqlarını sarsıda, xaosa gətirib çıxara bilər.
Qanunlarda boşluq varsa, Azərbaycan Respublikasının Milli Məclisi bu boşluqların dərhal aradan qaldırılması üçün toplaşır, qanunlara əlavə və dəyişikliklər edir. Belə dəyişik-liklərdən biri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən dəyişikliklərdir. Əvvəldə çıxış edən deputat həmkarlarımız bildirdilər ki, 1-ci, 5-ci maddələrdə mənasız bir dəyişiklik edilibdir. Xeyr, burada mənasız dəyişiklik edilməyib. Əslində, 5-ci maddədə edilən dəyişiklik qanunun daha da mükəmməl olmasına xidmət edir. Maddənin dispozisiya hissəsində edilən dəyişiklikdə şəxsin adı, soyadı, atasının adı göstərilir. Qanunvericiliyə əsasən “şəxs” dedikdə həm fiziki, həm də hüquqi şəxs başa düşülür. Fiziki şəxsin adının, atasının adının göstərilməsi məntiqlidir. Ancaq hüquqi şəxsin adının, soyadının, atasının adının göstərilməsi heç bir məntiqə sığmır. Təbii ki, qanun yaradıcılığı baxımından qanunun daha mükəmməl olması üçün dəyişikliyin edilməsi vacibdir. Dispozisiya hissəsində edilən dəyişiklik qanunun mükəmməl olmasına xidmət edən bir amildir.
Digər bir hissədə edilən dəyişiklik İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində edilən dəyişiklikləri cərimə hissələrini özündə ehtiva edir, yəni bu qanunun pozulmasına görə cərimələrin tətbiq olunması göstərilir. Bəli, bu belə də olmalıdır.
Kütləvi aksiyaların keçirilməsindən bəhs edilir. Nəyə görə kütləvi aksiya şəhərin mərkəzində keçirilməlidir? Şəhərin parklarında, gözəl yerlərində keçirilməlidir? Axı, kütlə psixologiyası var. Adi bir qıcıqdan idarəolunmaz hal yarana bilər. Bunun qarşısı nə ilə alına bilər? Ona görə də bunun üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış müvafiq yerlər vardır. Elan edin, tərəfdarlarınızı toplayın, fikirlərinizi orada bildirin.
Heç kim, bu qanunun əleyhinə çıxış edənlər burada qeyd etmirlər ki, qanunda nəinki “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun pozulmasına görə cərimələr, hətta qanuni aksiyaların keçirilməsinə mane olanlar üçün də cərimələr nəzərdə tutulur. Həmin cərimələr də yüksək həddə göstərilir. Əgər siz müvafiq yerlərdə tədbirlər keçirirsinizsə, sizə mane olanlara yüksək cərimələr tətbiq olunacaqdır. Burada cərimələrin məbləğinin yüksək olduğu ölkələri qeyd etdilər. Ölkəmiz hələ 20 ildir ki, müstəqildir, 100 illik demokratiyası olan ölkələrlə müqayisə etməyin. İmkan verin, qoyun bir ölkəmizi ayaq üstə qaldıraq, sonra bu işlərə baxılar. Mən də bu dəyişikliklərə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Milli Məclis! Əslində, bu çıxışlara qulaq asandan və ümumiyyətlə, səhərdən gedən müzakirələri dinləyəndən sonra adam fikirləşir ki, bu Milli Məclisdə danışmağın nə mənası? Bir halda ki, 2 ildən artıq burada dediyimiz fikirlər, qanunların müzakirəsi zamanı etdiyimiz təkliflərin, demək olar, heç biri nəzərə alınmırsa, onda danışmağın nə mənası? Elə qanunlara səs verək, bununla bütün məsələlər qurtarsın. Bu 2 ildə elədiyimiz çıxışların, cari məsələlərlə, ölkənin müxtəlif problemləri ilə bağlı dediyimiz sözlərin heç biri əgər buradan, Milli Məclisdən rəsmi məktublarla lazımi dövlət idarələrinə getmirsə, onlardan cavab tələb olunmursa, həmin təkliflərin bir real nəticəsi yoxdursa, biz ancaq özümüz deyib özümüz eşidiriksə, yaxud burada deyilən fikirlər mətbuata təhrif olunmuş və ya olunmamış şəkildə sızırsa, Milli Məclisin sözü ancaq mətbuatla xalqa çatırsa, real bir nəticəsi yoxdursa, onda Milli Məclisin, müzakirələrin nə mənası var? Bundan bizim deputat işimizin ölkəyə hansı xeyri ola bilər? Məni bu çox ciddi şəkildə narahat edir.
Bəri başdan demək istəyirəm, deyilən fikirlərin müzakirəsi aparılmır. Yəni reallığın, həqiqətin üzə çıxması üçün normal müzakirə aparılmır. Biri deyir, orada çoxluq var, çoxluq səs verir və hər şey qəbul olundu, qurtardı. Onda mən hesab edirəm, biz əsəblərimizi nahaq yerə burada korlayırıq. Burada əvvəldə də deyildi. Mətbuat deyir, mətbuatı lağa qoyuruq. Deyirik ki, neçə gündür ajiotajdır, mətbuat niyə bu məsələ haqqında danışır? İctimai rəy nə göstərir? İctimai rəyi mətbuatda görürük. Mətbuatdakı fikirlərə əhəmiyyət vermirsiniz. Gələn məktublara əhəmiyyət verilmir. Xalqın səsini bəs harada eşidirsiniz? Xalqın səsi bəs harada çatır sizə? Ona görə də hesab edirəm, burada daha diqqətli olmaq lazımdır. Bu qanunları kimin üçün qəbul edirik? Deyirik ki, qanunun aliliyi qorunmalıdır. Qanunun aliliyi bu gün hansı səviyyədədir? Əgər qanunlar yamaq-yamaqdırsa və zaman keçdikcə praktikada millətin səsinin çıxdığı yerdə millətin ağzını qapatmağa təzə bir əlavə ediriksə, qanuna düzəlişlərin hamısı, əslində, xalqın ziyanınadırsa, onda bu qanunun aliliyi qalmır. Onda qanunun aliliyindən və qanunun tətbiqindən söhbət gedə bilməz.
Millət sözünü mətbuatda deyəndə, yenə deyirəm, qəbul etmirik. Milli Məclisin qabağına gəlir, qəbul etmirik, küçəyə çıxmağına imkan vermirik. Onda bu xalqın səsi harada çıxmalıdır? Mən dəfələrlə demişdim. Bakıda dəniz millətin üzünə qapanıb. İndi dağları, daşları torba ilə aparırlar. Bunun haqqında deyiləni heç kim eşitmir. Hətta deputatlar burada deyirlər, heç kim eşitmir. Onda bu millətin icazəsi var çıxsın küçəyə, yoxsa yox? Bu dövlət bizim, küçə bizim, biz sözümüzü deməliyik. Biz millətimizi məhkum etməmişik ki. Bu millətin ağzı bağlı deyil ki. Bu millətin söz deməyə haqqı var.
Yox, ancaq Bayılda bir yerdə yığışın. Heç mitinqlərin bu dəqiqə mənası yoxdursa, cavanlar həbs olunursa, günahsız insanlar əziyyət çəkirlərsə, mən mitinqlərə qarşıyam. Bəzən mitinqlərdən xarici qüvvələr istifadə edirlər. Necə ki bizim Təhsil Nazirliyinin qarşısında etdilər. Ona da qarşıyam. Amma hər halda biz qanun qəbul eləmişik. Biz demokratik bir dövlət iddiasındayıq. Biz müəyyən prinsiplər əsasında qanunlarımızın, heç olmasa, yüksək səviyyədə olmağını nəzərə almalıyıq. Qanunlar düzgün olsun, tətbiqi düzgün olmasa da. Amma biz qanunlarımızın da hamısını yamaqlarla belə vəziyyətə salırıq ki, bir-birinə ziddir.
Mən hesab edirəm ki, əhalinin gəliri, əhalinin imkanları nəzərə alınmadan... Hansı idarə istəyirsə, millətə cərimə təyin edir. Bu, xalqı soymaqdır. Kim gəlir milləti aşağılayır, polis deyir ki, mənə müqavimət göstərirlər. İdarələr hərəsi qarşısına bir şlaqbaum qoyub, millət yaxın düşə bilməz. Küçəyə çıxanın gözünü oyacaqsan? Bəs bu xalqa hörmət edən var, yoxsa yoxdur? Mən son vaxtlar son dərəcə bir əsəbilik keçirirəm. Torpaq, yol məsələsində, təbiətə münasibətdə, insan hüquqları sahəsində bütün məmurlar bu millətin üstünə yeriyir. Bu millət nə qədər səbr edəcək? Mən çox xahiş edirəm, gəlin, biz məsuliyyətimizi hiss edək. Bir gün bu məsələ partlayar və bunun məsuliyyətini hamıdan çox hakimiyyət hiss eləməlidir. Mən bunu çox səmimi deyirəm. Mən sizin hakimiyyətin ömrünü...
Sədrlik edən. Sabir müəllim, çox alovlu danışdınız. Mən qulaq asdım.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yerdən cavab vermək lazım deyil. Mən də öz fikrimi deyirəm. Milli Məclisdən danışırsınız. Milli Məclis nəyə lazımdır? Xoşunuz gəlmir, deyin, lazım deyil. Milli Məclis hansı məktublar yazır? Sizi məktublar maraqlandırır? Ümumi şöbə var. Get bax, Milli Məclis nə iş görüb, nə qədər məktub yazıb, nə qədərinə cavab verilib? Burada populist çıxışlar nəyə lazımdır? Biz qanun layihəsindən danışırıq. Milli Məclisin qəbul elədiyi hansı qanun beynəlxalq qanunlara uyğun deyil? Ziyafət Əsgərov buyursun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım, sözsüz, qanun layihəsinin bu cür, yəni müxalifətdən olan həmkarlarımın dedikləri istiqamətdə müzakirəsi, əlbəttə, məni qane edə bilməz. Mən çox təəssüf edirəm. Hər şeydən əvvəl nəyə görə? Bilirsiniz, hər şeyi gətirib sanksiyalara, cərimələrə, cərimələrin yüksəldilməsinə bağlamaq dövlətçilik təfəkkürünün olmamasından irəli gəlir. Əgər biz ölkəmizdə qayda-qanunun yaradılması, iğtişaşların, təhlükənin qarşısını almaq məqsədi ilə bu tədbirləri nəzərdə tuturuqsa, hesab edirəm ki, burada cərimələrin əhəmiyyətindən söhbət gedə bilməz. Söhbət dövlətin taleyüklü məsələlərindən gedir. Biz inzibati hüquq nəzəriyyəsində deyirik ki, hər hansı bir cəzanın məqsədi insanın islah olunmasıdır. 7 manatla kimi islah etmək olar? Əlbəttə, cərimələrin bu qədər müəyyən edilməsi insanlarda müəyyən dövlətçilik təfəkkü-rünün formalaşmasına gətirib çıxarmalıdır. Keçirəm konkret məsələyə.
Əvvəla, onu deyim ki, əgər fikir versəniz, 169-cu maddədə istər cinayət məsuliyyətinin, istərsə də inzibati xətaya görə məsuliyyətin yüksəldilməsi ilə bağlı söhbət hər hansı bir şəkildə sərbəst toplaşmaq azadlığının qarşısını almaqdan getmir. Mən istəyirəm, bunu başa düşəsiniz. Siz vəziyyəti elə yönəldirsiniz, guya biz rejim yaratmışıq ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı olmasın. Söhbət sərbəst toplaşmaq azadlığının qaydasını müəyyən etməkdən gedir, ay qardaş. Biz deyirik ki, dövlət var, bunun qayda-qanunu var, toplanışın keçirilmə qaydası var. Necə ki Fransada, İngiltərədə. Niyə qanunla yaşamaq istəmirik? Nə vaxt məsələni istəyirsən gətirəsən qanun çərçivəsinə, yox, qanundan kənar nə istəyirsən edək, qanunun adını çəkməyək.
Avropa Konvensiyasına müraciət edirəm. Bayaq Fazil bəy dedi. Buradadır Fazil bəy?
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Çox yaxşı. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsi. Fazil bəy, bayaq Siz bu məsələyə toxundunuz, amma oxumadınız. Özü də fikrinizi belə əsaslandırdınız ki, oxumaq istəmirəm, çünki lazım deyil. Çünki Sizə sərf etmədi. İndi mən oxuyuram. Görün nə yazır. 11-ci maddədə yazılır ki, toplaşmaq və birləşmək azadlığı var. Hər bir şəxs dinc toplaşmaq azadlığına malikdir. Bu birinci hissə. İkinci hissədə yazılır ki, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlağın və mənəviyyatın mühafizəsi üçün, digər insanların hüquq və azadlıqlarının müdafiəsi üçün məhdudiyyət qoyula bilər. Bu maddə qanunazidd halların qarşısının alınmasında inzibati orqanların və polisin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Deyin ki, səhvdir. Hələ bu hamısı deyil.
Bundan əvvəl 1992-ci il sentyabr ayının 22-də rəhmətlik Əbülfəz Elçibəy, Azərbaycan Respublikasının o zamankı Prezidenti Helsinkidə, ATƏM çərçivəsində 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında” Paktı imzaladı. Həmin Paktın 21-ci maddəsində burada olduğu kimi verilir. Elədir, Fazil bəy?
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Ay sağ olun. Siz iqtidarda olanda rəhmətlik Elçibəy, hesab edirəm, düz də edib. Əgər ölkə Prezidenti hesab edirsə ki, Azərbaycan Avropanın tərkib hissəsidir və bunu imzalamalıdır, burada qeyri-adi bir şey yoxdur. Bu, normal bir şeydir. Belə olan bir vəziyyətdə bütün Avropada qəbul olunan normalar niyə Azərbaycana gələndə qısqanclıq doğurur?
Deyirsiniz ki, Azərbaycana təzyiqlər var. Bəli, Azərbaycana təzyiqlər var. Azərbaycana təzyiqlər ona görə deyil ki, biz mitinqlərlə bağlı qayda-qanun yaradırıq. Azərbaycanın müstəqil dövlət siyasəti yeritməyi bəzilərinin xoşuna gəlmir. Buna görədir təzyiq, Fazil bəy. Mən çox üzr istəyirəm, böyükxana çıxmasın. Dövlətçilik təfəkkürünü qoyub belə xırda işlərlə məşğul olmaq... Ay bizi buraxmayacaqlar, ay sanksiya. Əşi, bunlar xırda məsələlərdir. Söhbət Azərbaycanın taleyüklü məsələlərindən gedir, ay qardaş. Siz bilirsiniz, Azərbaycana hansı böyük təzyiqlər var? Biz ölkə daxilində niyə qayda-qanun yaradanda bəzilərinin xoşuna gəlmir? Bunun beynəlxalq hüquqi əsası vardır. Bundan kənarda biz nə edirik? İqbal çıxış etdi, odlu-alovlu danışdı, çıxdı getdi. Gəlsin, cavabımızı versin. Biz sənəd ilə danışırıq. Əgər biz ölkə Konstitusiyasında təsbit etmişiksə ki, hüquqi dövlət qururuq, gəlin, bu hüquqi dövlətin prinsiplərinə hörmət edək. Nə deyirik ki biz? Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı, buyurun.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Məndən əvvəl bu qanun layihəsini müdafiə edən çıxışçılar çox əsaslı şəkildə danışdılar, fikirlərini səsləndirdilər. İki nəfər – Fazil Mustafa, İqbal Ağazadə qanun layihəsinin əleyhinə danışdılar, danışarkən də bir sıra terminlər işlətdilər: mürtəce, irtica. İrtica o deməkdir ki, siz ölkədəki qanunları tapdalamaq istəyirsiniz. İrticanı qaragüruh yaradır. Qaragüruhla irtica o zaman yaranır ki, ölkədə bu və ya digər profilaktik, qabaqlayıcı, önləyici addımlar atılmasın. Azərbaycan üçün bu gün ictimai-siyasi sabitlik ən vacib məsələlərdən biridir. Bəziləri deyirlər ki, kənardan təzyiq var, bu var, o var. Bunu bilirsinizsə ki, bizə təzyiq etmək istəyirlər, bizim müstəqilliyimizlə, Ermənistanın təcavüzu, işğal olunmuş torpaqlarla bağlı bunlar varsa, biz bunların qarşısını almaq üçün birinci növbədə ictimai-siyasi sabitliyimizi göz bəbəyi kimi qorumalıyıq.
21 ildir ki, müstəqilik. 21 illik müstəqillik dövründə təcrübə toplamışıq, yol keçmişik. Ölkəmizdəki iğtişaşların, qarşıdurmaların, ictimai-siyasi sabitliyin pozulmasının ümummilli maraqlar baxımından nə qədər böyük təhlükələr yaratdığını hamımız görmüşük. Hamımız bunun şahidi olmuşuq. Belə olan şəraitdə indi cərimələrlə bağlı bu qanunun ətrafında siyasi alver başlanır. Bu yaxınlarda Təhsil Nazirliyinin qarşısında qaragüruhçu bir dəstənin hansı işlərə əl atdığının şahidi oldunuz. Nə deyirsiniz? Buraxaq başlı-başına, hərə bir dəstə yığıb yenidən Azərbaycanı anarxiyaya, xaosa sürükləsin?
Bu qanun qəbul olunub. Sən əgər qanunu pozmasan, ömrü boyu qanunla üzləşməyəcəksən. Azərbaycanda o qədər qanun var ki, vətəndaş ömrü boyu heç vaxt onunla üz-üzə gəlmir. Qanunla o zaman üz-üzə gəlirsən ki, sən onu tapdalayırsan. Sən bu qanunu tapdalama, get qanun çərçivəsində sərbəst toplaşmaq azadlığı ilə bağlı tələblərə əməl et, tədbirini keçir. Tədbirlərlə bağlı yerlər ayrılıb. Sən bu yerlərlə əlaqədar iddialar ortaya qoyursan ki, orada olmasın, burada olsun. Əgər sənin tərəfdarın varsa, sən tərəfdarlarını toplayıb istədiyin fikri ictimaiyyətə çatdıra bilərsən. İctimai rəyə çatdırmaq üçün vacib deyil ki, sən şəhərin meydanlarından birində olasan və yaxud da insanların gur toplaşdığı yerdə onları da öz siyahına qataraq hay-küy yaradasan. İndi İnternet əsridir. Sən burada bir məlumat yaz, 5 dəqiqədən sonra Facebookda, Tvitterdə və yaxud da informasiya agentliklərində hər şey yayılır və cəmiyyət də bilir. Əgər cəmiyyət sənin tərəfdarın deyilsə, sən nə edirsən et, səni müdafiə etməyəcək.
Mən hesab edirəm ki, bu cür sanksiyaların artırılmasının məqsədi heç də sərbəst toplaşmaqla bağlı məhdudiyyət yaratmaq deyil. Özü də sərbəst toplaşmaq azadlığı yalnız siyasi partiyalara aid deyil. QHT-lər, vətəndaşlar, ictimai qurumlar, ayrıca vətəndaşlar və sair bundan istifadə edir. Bu sanksiyaları tətbiq edəndə nəzərdə tutulur ki, bununla əlaqədar kim isə qanunu, ictimai asayişi pozmasın, dövlətçiliyə zərbə vurmasın. Müqayisələr aparıldı, mən təkrarlamaq istəmirəm. İstənilən ölkədə bu cür məhdudiyyətlər var və bu məhdudiyyətlər olmasa, bütövlükdə dünya anarxiyaya gedə bilər. Bir vaxtlar belə bir şüar var idi: “anarxiya qanun-qaydanın anasıdır”. Anarxiya heç vaxt heç bir cəmiyyətə xeyir gətirməyib. Hesab edirəm ki, bu cür şou yaratmaq lazım deyil. Həmin siyasi şounu yaradanların da məqsədi yalnız və yalnız bu cür qanunlara hansı isə düzəlişlər etmək və sair deyil. Bundan yenə də hakimiyyətə qarşı sui-istifadə etmək istəyirlər. Beynəlxalq təşkilatlar da nə isə deyəcəklərsə, qoy desinlər. Biz düz yolla da gedirik, işimizi görürük, müstəqil siyasət yeridirik, kifayət qədər əleyhimizə deyirlər və bu deyənlərin səsini boğmaq üçün biz daha da güclənməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, artıq müzakirəyə ehtiyac yoxdur. Çıxış üçün 16 nəfər də hələ yazılıb. Amma, həqiqətən, beynəlxalq təşkilatların çoxunun Azərbaycana münasibətini elə bir misalla göstərmək olar. Avroviziya vaxtı qazandığımız haqla Azərbaycanda tədbir keçirərkən bir çox beynəlxalq təşkilatlar, Human Rights tərəfindən təzyiqlər, yazılar, gələn adamları öyrətmək kimi vasitələrə əl atırdılar. Azərbaycana qarşı çıxış etmək, həmin o dövrdə, bayram dövründə camaatı küçələrə çıxar-maq məqsədi nəyi göstərdi? Göstərdi ki, Azərbaycana qarşı qeyri-sağlam münasibət var. Azərbaycana bəzi məsələlərdə güzəştlər əldə etmək üçün təzyiqlər göstərirlər. Ancaq Azər-baycan 21 ildir müstəqil yaşayır. Prezidentinin rəhbərliyi ilə öz müstəqil siyasətini yeridir. Bu məsələlərin bizim üçün heç bir mənası olmayacaq.
Mən iclasın əvvəlində dedim, bir qrupa keçmək üçün səs çoxluğu qazanan bir ölkəyə qarşı nə edirlər? 3 ölkənin danışığı ilə reqlamenti dəyişib deyirlər ki, üçdə iki səs çoxluğu olmalıdır. Biz bunlarla tez-tez rastlaşırıq. Ramil Səfərov məsələsindən hamınızın xəbəri var, Avropa Şurasında da bunu bayraq etmişdilər. Bu məsələ qurtarıb, aydınlaşıb, həmin Parlamentlərarası İttifaqda yerindən duran bu məsələlərdən başlayır. Hamı da başa düşməlidir ki, bunların kökündə yenə də erməni diasporu durur və bir çoxlarımız bilmədən onların dəyirmanına su tökürük. Bu məsələləri artıq qurtarmaq lazımdır. Milli Məclisin işini aşağılamaq, artıq sözlər demək bizim heç birimizə yaraşmır.
Mən xahiş edirəm, məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 15.24 dəq.)
Lehinə 105
Əleyhinə 5
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 112 
Nəticə: Qəbul edildi

9-cu məsələyə münasibət bildirildi, qəbul edildi. Mən sizə söylədim ki, 15–20 millət vəkilimiz bu saat toplantıdadır. Onlar öz mövqelərini bildiriblər və tapşırdılar ki, onların əvəzinə həmkarları səs versinlər. Bundan da xəbəriniz olsun. Gündəliyin 10-cu məsələsi Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədədir, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.25 dəq.)
Lehinə 106
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 111 
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu qəbildən olan 11-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.26 dəq.)
Lehinə 103
Əleyhinə 5
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 109 
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin sonuncu məsələsi Mədəniyyət haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyurun, Nizami Cəfərov.
 N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Nə qədər qəribə səslənsə də, mən demək istəyirəm ki, əslində, bundan öncə müzakirə olunan layihələrlə Mədəniyyət haqqında qanun layihəsi müəyyən məsələlərdə səsləşir. Ona görə ki, biz mədəniyyətimizi həm yaratmalıyıq, həm də onu qorumalıyıq. Bu millətin mədəniyyətini onun milli varlığının bir hadisəsi, göstəricisi kimi həm özümüzə, həm də dünyaya təqdim etməliyik.
Məlum olduğu kimi, bu layihə yaz sessiyasında birinci oxunuşda geniş müzakirə edildi və müzakirələrdə bir xeyli təkliflər verildi. Xüsusilə mən Milli Məclisin Sədr müavinləri Valeh Ələsgərovun, Bahar xanım Muradovanın, deputatlar İlyas İsmayılov, Elmira Axundova, Leyla Abdullayeva, Asim Mollazadə, Mübariz Qurbanlı və Jalə Əliyevanın iradlarını və qeydlərini nəzərdə tuturam.
Nəzərinizə çatdırım ki, ən ciddi qeydlər Valeh müəllimin qeydləri oldu, bunlar əsas anlayışlarla bağlı idi. Həmin anlayışlar üzərində biz xeyli çalışdıq. Belə deyim ki, bir sıra yeni anlayışlar da qəbul etdik. Əlbəttə, indi ikinci oxunuşdur, bundan sonra da çalışacağıq ki, daha yeni iradları bir yerdə təhlil edək və layihə daha da mükəmməlləşdirilsin. Doğrudur, bir sıra təkliflər eksperimental təkliflər səviyyəsindədir. Amma elə təkliflər də var ki, həqiqətən, yerinə yetirilməlidir. Amma burada əsas söhbət yenə də elə bilirəm ki, qanunun mahiyyətindən, onun fəlsəfəsindən gedir. Biz qədim mədəniyyətimizi, ümumiyyətlə, yaratdığımız mədəniyyəti qorumalıyıq. Bu bizim dövlətimizin birinci missiyasıdır. Biz yeni mədəniyyət yaratmalıyıq. Yeni mədəniyyət deyəndə inqilabi mədəniyyət yox, mədəniyyət işi, prosesi həm maddi, həm də mənəvi imkanları ilə davam etməlidir.
Üçüncü bir məsələ də var. Müasir şəraitdə mədəniyyətin inkişafı üçün tələb olunan həm beynəlxalq, həm də yerli göstərişlər var ki, bunlara da əməl etməliyik. Bütün dünyada olduğu kimi, bizim mədəniyyətimiz, incəsənətimiz də bazar iqtisadiyyatı şəraitində inkişaf edir. Ona görə də bunlar nəzərə alınmalıdır.
Başqa bir ciddi məsələ yaradıcı şəxslə bağlı məsələdir. Mədəniyyət, incəsənət, köhnə təbirdə olduğu kimi deyilsə, düzdür, xalqa məxsusdur, bunları xalq yaradır, xalq istehlak edir. Amma bununla yanaşı, əlbəttə, hər dövrdə, hər zamanda mədəniyyətin tarixinə Üzeyir Hacıbəyov, Səməd Vurğun, Bülbül, Səttar Bəhlulzadə gəlmir. Ona görə də yaradıcı şəxsin xüsusi imtiyazları, əlbəttə, nəzərə alınmalıdır. Bunlar hamısı qanun layihəsində nəzərə alınır.
Onu da deyim ki, birinci oxunuşla ikinci arasında əsaslı fərq var. Əgər birinci oxunuşda biz layihəni təqdim edəndə 44 maddə, 9 fəsildən ibarət idisə, artıq ikinci oxunuşda layihə 63 maddə, 12 fəsildən ibarətdir. Yəni kifayət qədər ciddi dəyişikliklər edilibdir. Bir sıra yeni anlayışlar, məsələn, “mədəniyyət məhsulları”, “mədəniyyət məkanı”, “mədəni məzmun”, “mədəniyyət xidmətləri”, “mədəniyyət eyniliyi”, “mədəniyyət sənayesi”, “bədii dəyər” və sair əlavə edilibdir. Bunlar indi qüvvədə olan qanunda da yoxdur. Bizim birinci oxunuşda təqdim etdiyimiz layihədə də bu anlayışlar ya yox idi, ya da dəqiqləşməmişdi. Xeyli sayda yeni anlayışlar əlavə olunub.
Əlbəttə, birinci məsələ dövlətin mədəniyyət siyasəti, onun əsas istiqamətləri ilə bağlı məsələlərdir. Burada dövlət siyasətinin prinsipləri, dövlətin vəzifələri müəyyənləşdirilib. Mədəniyyət həmişə dövlət fəaliyyətinin əsasında duran və onun nəzarəti altında olan bir sahədir. Amma bu, mədəniyyətin, incəsənətin azad fəaliyyətini, hər bir şəxsin yaradıcılı-ğından və yaxud onun zövqündən asılılığını da istisna etmir. Biz çalışmışıq ki, bu proporsiyanı mümkün qədər saxlayaq.
Layihə artıq müzakirələrdən keçib, ona görə də bütün məqamlara diqqət yetirmək istəmirəm. Layihə hamınızda var. Bir mühüm cəhət mədəniyyət sahəsindəki praktik məsələlərlə bağlıdır. Mən xüsusilə belə məqamlara bir-iki dəqiqə diqqət yetirəcəyəm ki, bu gün qüvvədə olan qanunda yoxdur. Onu da deyim ki, həmin qanunun artıq köhnəlmiş olduğu, hazırda Azərbaycanda gedən mədəniyyət, incəsənət proseslərinə cavab vermədiyi, bu proseslərdən çox geri qaldığı barədə illərlə söhbətlər gedir. Ona görə də bu məsələ üzə-rində dayanmayacağam. Əsas məsələ ondan ibarətdir ki, yeni qəbul edəcəyimiz qanun bu gün Azərbaycanda gedən yüksək səviyyəli mədəniyyət proseslərinə nə dərəcədə cavab verəcəkdir? Biz əsas bu məsələ üzərində, hər bir maddə üzrə dayanmalıyıq və çalışmalıyıq ki, qanunvericiliyimiz mədəniyyət prosesləri praktikasından, Azərbaycanda gedən inkişafdan geri qalmasın. Ona görə də bir sıra xüsusi anlayışlar, “prodüser” anlayışı, mədəniyyətin, incəsənətin istehlakı, yaradıcılıq ittifaqları, mədəniyyət adlanan hadisənin miqyası ilə bağlı məsələlər burada öz əksini tapır. Buraya biz hətta mətbəx mədəniyyətini də yeni bir hadisə kimi əlavə etmişik. Sonra, mədəni irsin qorunması, dünyada təbliği, dünya mədəniyyəti prosesləri ilə Azərbaycan mədəniyyətinin əlaqələri müxtəlif maddələrdə nəzərə alınıbdır.
Bizim ən böyük uğurlarımızdan biri bu gün beynəlxalq miqyasa çıxmağımızla bağlıdır. Artıq biz az qala hər gün beynəlxalq miqyasda Azərbaycan mədəniyyətini təbliğ edə bilirik. Bəzən buna, sadəcə olaraq, “təbliğat” deyirik. Daha doğrusu, bunu mədəniyyətimizin özünü göstərmək imkanlarının genişlənməsi kimi təqdim etmək olar. Dünyanın ən mədəni, nüfuzlu ölkələrində Azərbaycan mədəniyyətinin göstərildiyini görürük. Bu sahədə hörmətli həmkarımız Mehriban xanımın xidmətləri, demək olar ki, hər gün görünür.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, mədəni sərvətlərin birgə istehsalının stimullaşdırılması, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi kimi hadisələr bizim mədəniyyət siyasətimizdə özünə yer tutmuşdur. Ümumbəşəri mədəni irslərin qorunması ilə bağlı yeni texnologiyaların həm mənimsənilməsi, həm də texnologiya mübadilələri, beynəlxalq informasiya sistemlərinin tətbiqi, qabaqcıl təcrübənin yayılması və sair çoxlu sayda məsələlər Mədəniyyət haqqında qanun layihəsində əhatə olunubdur.
Mən söhbəti çox uzatmaq istəmirəm. Bir məsələni də demək istəyirəm. Bu layihənin hazırlanmasında iştirak edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinə, onun əməkdaşlarına təşəkkür edirəm. Daha çox təşəkkürümüz də Mədəniyyət və Turizm Nazirliyinədir. Ona görə ki, onlar bizə çox böyük dəstək verdilər. Bir sıra nazirliklər layihəyə rəy verdilər. Bir sıra nazirliklərin rəylərində hələ razılaşdırılmalı məqamlar var. Biz müzakirələrə açığıq və müxtəlif səviyyələrdə bu müzakirələri aparacağıq. Bizim mədəniyyət və turizm nazirinin birinci müavini iclasda iştirak edir. Yaradıcı təşkilatlarla da əlaqələrimiz var. Amma yaradıcılıq təşkilatlarından da nümayəndələr iclasa saat 4-də gələcəklər. Bütün müzakirələrə biz açığıq. “Əsas anlayışlar” hissəsində nəyi dəqiqləşdirmək lazımdırsa, onu dəqiqləşdirək, yeni əlavələr lazımdırsa, edək. Yəni bizə, komitənin müzakirələrində də dedim, tənqiddən çox təkliflər lazımdır. Tənqidə qalsa, biz özümüz də çox tənqid edə bilərik. Amma əsas konstruktiv mülahizələr olsun. Təşəkkür edirəm, Bahar xanım.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Nizami müəllim. Nizami müəllimin də qeyd etdiyi kimi, mədəniyyət və turizm nazirinin müavini Vaqif müəllim buradadır. Yaranacaq suallara o da açıqlama verə bilər. Amma müzakirəyə başlamazdan qabaq ikinci oxunuşun tələblərinə görə biz layihəni əsas kimi səsə qoymalıyıq. Xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri  (saat 15.37 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 102 
Nəticə: Qəbul edildi

Yetərsay var, təklif qəbul olundu, müzakirələrə başlayaq. Xahiş edirəm, çıxış üçün yazılın. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, hörmətli Vaqif müəllim! Bu gün ölkənin mədəni ictimaiyyəti üçün sözün əsl mənasında, mübaliğəsiz deyə bilərəm ki, çox böyük əhəmiyyət daşıyan bir qanun layihəsini müzakirə edirik. Mədəniyyət, sadəcə, təyinatına görə aid olduğu bir sahə ilə bağlı olmaqla qalmır. Geniş aspektdən yanaşdıqda insan həyatını, insanlığı ta yaradılışdan bəri əhatə edən, insanlığın sahib olduğu bütün dəyərləri özündə birləşdirən ən ali anlayışdır mədəniyyət. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə qəbul edilən “Mədəniyyət haqqında” Qanunun yenidən hazırlanmasına artıq uzun illərdən bəri böyük bir ehtiyac yaranmışdı.
Qəbul etməliyik ki, ölkəmizin çox böyük sürətlə inkişaf etdiyi, tamamilə yeni bir ahəng qazandığı, Azərbaycanın başdan-başa yeni libasa büründüyü bir zamanda bu yeniliklər və inkişaf, təbii ki, mədəniyyətdən də yan keçə bilməzdi. Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də mükəmməl bir dövlət siyasəti həyata keçirilməkdədir. Məhz bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti özünün ən qədim milli, mənəvi, tarixi dəyərlərini qoruyub inkişaf etdirməklə yanaşı, dünya mədəniyyətinə də uğurla inteqrasiya edir və ən ümdəsi bu gün bütün dünya Azərbaycanı sahib olduğu sənəti, mədəniyyəti ilə tanıyır və hörmətlə yanaşır. Burada, əlbəttə, ölkənin birinci xanımı, hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın əməyi və fəaliyyəti danıl-mazdır.
Müzakirə etməkdə olduğumuz qanun layihəsi dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini müəyyən edən və bu sahənin daha da inkişaf etdirilməsinə münbit şərait yarada biləcək əhəmiyyətli bir sənəd kimi qiymətləndirilməlidir. Birinci oxunuşla bu gün müzakirə etdiyimiz ikinci oxunuşdakı layihə arasında çox böyük fərq var. Bu fərqlər, edilən düzəlişlər qanun layihəsini, sözün əsl mənasında, mükəmməl bir sənədə çevirib. Bu gün müzakirəyə təqdim edilən layihə daha əvvəllər verilən sualları tam cavablandıran, yaranan boşluqları tam dolduran və qoyulan məsələləri tam əhatə edən bir qanun layihəsinə çevirib. Bəlkə də komitənin üzvü olaraq layihə haqqında bu qədər yüksək fikirlər səsləndirməyim bir tərəfkeşlik kimi qəbul edilə bilər. Amma inanıram ki, sadəcə, həmkarlarımız deyil, mədəniyyətlə, sənətlə əlaqəsi olan hər kəs bu qanunu bəyənəcək və layiqli qiymətini verəcəkdir.
Qanun layihəsinin daha əvvəlki müzakirələri zamanı səsləndirdiyimiz iradların, Nizami müəllimin də dediyi kimi, böyük bir hissəsi nəzərə alınıb. Qanun layihəsinin daha oxunaqlı, anlaşılan, daha təkmil və səmərəli ola bilməsi üçün təklif etdiyimiz dəyişikliklər sənədə daxil edilib. Yeri gəlmişkən, mən bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə və eyni zamanda, parlamentin işçi qrupuna öz adımdan da təşəkkür etmək istəyirəm. Komitədə səsləndirdiyimiz fikirlərin davamı olaraq bu gün burada da ümumi işin xətrinə bir neçə təklifimizi səsləndirmək istəyirik.
63 maddədən ibarət olan bu layihədə dəfələrlə “mədəniyyət cəmiyyəti” və “mədəni cəmiyyət” sözləri işlədilir. Bu iki söz qəbul edərsiniz ki, çox fərqli mənalar daşımaqdadır. Bu söz birləşmələrini seçərkən düşünürəm ki, diqqətli olmalıyıq. Burada söhbət 8-ci maddədən gedir.
Dövlət mədəniyyət fəaliyyətinin formalarını əks etdirən 24-cü maddədə mədəniyyət sənayesinin subyektləri sadalanır. Kinematoqrafiya, nəşriyyat, memarlıq, dizayn kimi sənət növlərinin sırasına şou-biznes də daxil edilir. Həqiqi sənətlə, bu mənim subyektiv fikrim kimi də qəbul edilə bilər, heç bir əlaqəsi olmayan və əsla təqdir edilməyən həmin sahə dövlət mədəniyyət fəaliyyəti kimi təqdim edilməməlidir.
25-ci maddənin 5-ci hissəsində “antikvar əşyalar” kəlməsi doğma dilimizdə “əntiq əşya” kimi ifadə edilərsə, daha düzgün olar.
32-ci maddənin 2-ci hissəsində yenə bu qəbildən olan “klassifikasiya” sözünün yerinə yenə doğma dilimizdə “təsnifat” sözünü işlədə bilərik.
Mədəniyyət sahəsində qadağalarla bağlı 49-cu maddənin 49.1.4-cü hissəsində deyilir: “Azərbaycan milli mədəni irs nümunələrinin qeyri-qanuni aparılması, gətirilməsi və ya mülkiyyətçisinin dəyişdirilməsinə” yol verilmir. Burada, təbii ki, mədəni irs nümunələrinin xaricə qeyri-qanuni aparılıb-gətirilməsindən söhbət gedir. Bu ifadənin də buraya əlavə edilməsinə ehtiyac var. Ən nəhayət, mən...

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin müzakirəsinə mənim də üzv olduğum Mədəniyyət komitəsi tərəfindən tövsiyə edilmişdir. Bildirmək istəyirəm ki, layihəyə birinci oxunuşdan sonra kifayət qədər əlavə və dəyişik-liklər edilmişdir. Vurğulamaq lazımdır ki, bu əlavə və dəyişikliklər kifayət qədər mühüm münasibətlərin hüquqi tənzimlənməsini nəzərdə tutan normalardan ibarətdir. Layihənin əvvəlki variantında nəzərdə tutulmayan bir sıra məsələlər öz əksini ikinci oxunuş üçün təqdim edilmiş variantda tapmışdır. Komitə üzvləri kimi mən də öz təkliflərimi səs-ləndirmişdim.
Həmkarlarımın diqqətini qanun layihəsinin 59-cu maddəsinə yönəltmək istərdim. Bu, Azərbaycan Respublikasının müxtəlif səbəbdən digər ölkələrə aparılan və xarici dövlətlərdə saxlanılan milli sərvətlərinin qaytarılması məsələsinin vacibliyi ilə bağlı bir məsələdir. Mən Şeyx Səfi xalçası və Gəncə darvazaları kimi nümunələri nəzərdə tuturam. 59-cu maddədə göstərilir: “...Azərbaycan Respublikasından qeyri-qanuni yolla çıxarılan mədəniyyət nümunələrinin geriyə qaytarılmasına dair məqsədyönlü siyasət həyata keçirir”. Belə mədəniyyət nümunələri yerləşdiyi ölkədən, çıxarıldığı vaxtdan və şəraitdən asılı olmayaraq Azərbaycana qaytarılmalıdır. Mən bu müddəaları dəstəkləyirəm və təklif edərdim ki, müvafiq icra hakimiyyəti bu məqsədlə və həmin maddənin tələblərindən irəli gələrək xüsusi bir dövlət proqramı hazırlasın. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bir çox ölkələrdə belə proqramlar artıq mövcuddur. Konkret Almaniya nümunəsi ilə maraqlanmışam və hesab edirəm ki, bu təcrübəyə müraciət edilə bilər. Mən Almaniyada İkinci dünya müharibəsindən sonra ölkədən çıxarılmış sərvətlərin qaytarılmasına dair Distutisiya Proqramını nəzərdə tuturam.
Bir məsələni də vurğulamaq istərdim. 59-cu maddədə “Azərbaycan Respublikası” sözləri işlədilir. Bu da təbiidir, qanun məhz Azərbaycan Respublikası adından qəbul edilir. Lakin unutmayaq ki, bəhs etdiyim mədəni sərvətlər yalnız bugünkü Azərbaycan Respublikasından deyil, həm də tarixi Azərbaycan torpaqlarından çıxarılmışdır. Elə həmin Şeyx Səfi xalçasını xatırlatmaq yetərlidir. Yaxşı olardı ki, qəbul ediləcək dövlət proqramında tarixi Azərbaycan torpaqlarından çıxarılmış sərvətlərin qaytarılmasının mümkünlüyü variantı araşdırılsın.
Digər təklifim 1-ci maddənin 22-ci bəndi ilə bağlıdır. Belə ki, 1-ci maddənin 22-ci bəndinə əsasən milli mətbəx nümunələri bundan sonra mədəni sərvətlər kateqoriyasına aid ediləcəkdir. Bundan sonra artıq milli mətbəx nümunələri dövlət tərəfindən qorunacaqdır. Bu isə bəzi ölkələrdə olduğu kimi, həm mədəniyyətimizi təbliğ etməyə, həm də gəlir əldə etməyə imkan verəcəkdir. Qeyd edim ki, Gürcüstanda bir ildən çoxdur ki, belə bir proqram artıq fəaliyyət göstərir. Hesab edirəm ki, dünyanın ən zəngin mətbəx mədəniyyətinə malik xalqımız bunu təbliğ etməli və bundan bütün mənalarda yararlanmalıdır. Fikrimcə, bu əlavədən sonra milli mətbəx mədəniyyəti haqqında ayrıca qanun və ya dövlət proqramının qəbulu məsələsinə baxıla bilər.
Mən təkliflərimizi nəzərə alan işçi qrupuna, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, layihə yüksək səviyyədə hazırlanmışdır, ikinci oxunuş üçün ciddi əlavə və dəyişikliklərə yer verildiyindən qəbul edilə bilər. Həmkarlarımı layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Məndən əvvəl danışanları təkrar etmək istəmirəm. Əvvəla, deyirlər ki, bəzən bizim təkliflər qəbul olunmur. Amma layihənin birinci müzakirəsindən sonra, demək olar ki, deputatların təkliflərinin çoxu bu qanun layihəsində öz əksini tapmışdır. Yəni onların təklifləri bu qanun layihəsində var, tutuşduranda görəcəyik.
Əvvəla, komitə sağ olsun, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə böyük əziyyət çəkib. Təşəkkür edirəm və layihəyə səs də verəcəyik. Amma iki məsələyə diqqət çəkmək istəyirəm. Burada, 9-cu maddədə yazılıb: “...bacarıqlarına uyğun həm peşəkar, həm də qeyri-peşəkar (həvəskar) əsasda istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq...”. “Qeyri-peşəkar” sözləri bilirsiniz nə deməkdir? Konservatoriyanı bitirənlər olurlar peşəkar bəstəkarlar, amma bitirməyənlər qeyri-peşəkar bəstəkarlar. İndi yazıçılar institutu yoxdur, demək, biz hamımız qeyri-peşəkar yazıçı sayılırıq? Bunun institutu yoxdur ki, oxuyub yazıçı olasan.
Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasını yazanda qeyri-peşəkar idi. Elədirmi? Azərbaycanın böyük bəstəkarı Ələkbər Tağıyevə biz qeyri-peşəkar və ya həvəskar bəstəkar deməliyik? Ya Bəhram Nəsibova. Yaxşı olar ki, bunu başqa adla ifadə edək. Məsələn, belə vermək olar: “azad yaradıcılıq fəaliyyəti ilə məşğul olanlar”. Deyək ki, Ələkbər Tağıyev qeyri-peşəkar idi. Ələkbər Tağıyev bəstəkar diplomu olanların 50 faizindən də çox böyük bəstəkar idi. Diplomla olsaydı, mən indi gərək nə olaydım. Diplomla sayılmır axı. Bu mənada yaxşı olardı ki, üçüncü oxunuş üçün hazırlanarkən qanun layihəsində Nizami müəllim bu məsələyə diqqət yetirsin.
Bir fikrim də var, onu da çatdırım, Ziyafət müəllim. Layihənin 49-cu maddəsinin 1.3-cü bəndində “Zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə” yasaq qoyulur. Bu maddənin sonunda deyilir ki, həmin tələbləri pozanlar məsuliyyətə cəlb olunurlar. Amma kim məsuliyyətə cəlb edir? Çünki Azərbaycanda dövlət televiziyasını, İctimai televiziyanı çıxmaq şərti ilə, bütün kanallarda dediklərinizin hamısı çox gözəl təbliğ olunur, heç birinin qarşısını alan yoxdur. Zorakılıq da, narkomaniya da var, pornoqrafiya azdır, sözün düzü yoxdur. Hətta elə göstərirlər ki, adamın tamahı düşür narkomaniyaya. Üzr istəyirəm ifadəmə görə, buna diqqət çəkmək istəyirəm. Bir də, “film kabus”, “film ujas” deyilən filmlər var. Belə filmlər bunlardan da dəhşətlidir. Yaxşı olar ki, Nizami müəllim, həmin sözü də “kabus”, “qorxunc” kimi işlədək. Əslində, “kabus” sözü daha çox uyğun gəlir. Bu sözün də buraya əlavə edilməsi çox yaxşı olardı. Həm də bunun qarşısını almaq üçün mexanizm olmalıdır. Bütün bu cür filmlərdə yalnız və yalnız insanları öldürmək, başlarını kəsmək, doğramaq göstərilir. Belə filmə baxandan sonra adam istəyir, getsin görsün, bir adam öldürə bilərmi? Bu mənada deyirəm ki, belə halların qarşısının alınması və bunların layihəyə salınmasını yüksək qiymətləndirirəm. Amma bunun qarşısının alınmasının xüsusi bir mexanizminin yaradılması daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R.Aslanova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün, doğrudan da, 1998-ci ildə qəbul edilmiş “Mədəniyyət haqqında” Qanundan keçən vaxt ərzində həyatımızda da, dövlətimizin həyatında da baş verən hadisələr iri bir sənədin ortaya gəlməsini zəruri edir və bu baxımdan Mədəniyyət haqqında yeni qanun layihəsinin gündəmə gəlməsini və müzakirəsini təqdirəlayiq hesab edirəm.
Hörmətli komitə sədri Nizami müəllim söylədi ki, tənqiddən daha çox bizə konstruktiv fikirlər lazımdır. Çünki bizim hər birimizin istədiyimiz odur ki, Azərbaycan dövlətinin Mədəniyyət haqqında qanunu çox mükəmməl bir sənəd olsun. Hər birimizin taleyi ilə bilavasitə bağlı olan bu sənəd bizdən çox böyük məsuliyyət və həssaslıq tələb edir. Bu baxımdan mən öncə qanun layihəsinin “Əsas anlayışlar” hissəsinə keçmək istərdim. Əlbəttə, qanun layihəsinə səs verəcəyik, qanun bizim üçün çox önəmlidir. Mən tənqidi yox, konstruktiv qeydlərimi səsləndirmək istərdim.
Əvvəla, xatırladım ki, qanun layihəsinin dili ilə bağlı fikirlərimiz bu gün burada səslənməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı haqqında sərəncamından irəli gələn vəzifələr bizdən bu rəsmi sənədə əvvəlkindən daha ciddi münasibət göstərməyi tələb edir. Mən çox təəssüf edirəm ki, layihəni tərifləyə bilməyəcəyəm. Bu sənədi əvvəldən axıra qədər əgər çox diqqətlə izləsək, burada Azərbaycan dilinin və dilçilərin çox böyük iradları ilə rastlaşarıq. Heç uzağa getmirəm, düzdür, əsas anlayışlara yenidən qayıdacağam. 39-cu maddənin 7-ci bəndindən bir cümlə oxuyacağam. Əgər o cümləni kimsə çox rahat izah edə bilsə, xoşbəxt olaram. “Daşınmaz mədəni sərvətlərin milli mədəniyyət irsinə aid müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bu nə cümlədir və həmin bənddə nə deyilir? Mən birini söylədim.
Yenə əvvəldən, əsas anlayışlardan başlamaq istəyirəm. “Əsas anlayışlar”da “mədəniyyət” anlayışı var, bütün müddəalar bunun ətrafında cərəyan edir. “Mədəniyyət” anlayışına gəldikdə bu gün mədəniyyətlə məşğul olan mütəxəssislərin hər biri deyə bilər ki, mədəniyyət haqqında  dünyada 3 mindən çox tərif var. Amma qeyd edilən tərif çox maraqlı bir tərifdir. Əgər oxusanız, görərsiniz ki, “...xüsusiyyətlərini müəyyən edən... xüsusiyyətlər məcmusu” yazılıb. Bu cümlə qətiyyən mədəniyyət anlayışını ifadə etmir və əks etdirmir. Mədəniyyət haqqında çox qısa və lakonik bir tərif var. Söylənilir ki, “mədəniyyət cəmiyyətə və yaxud ictimai qrupa xas olan həyat tərzində və incəsənətdə ifadəsini tapan fərqli dəyərlərin, xüsusiyyətlərin, ənənələrin və inamların məcmusudur”. Niyə inamların? Çünki din mədəniyyətin tərkib hissəsidir. Bu qədər qısa. Bir halda ki, söhbət mədəniyyətdən gedir, onun nə olduğunu izah etmək lazımdır.
Eyni sözləri “mədəni dəyər” anlayışı haqqında demək olar. Burada mədəni dəyərin nə olduğu haqqında bir müddəa yoxdur. Mədəniyyət isə böyük mədəni dəyərlər yaradır. Nədir mədəni dəyər? “Əsas anlayışlar”da mədəni dəyərin tərifi yoxdur. İnsanın maddi və mənəvi fəaliyyətinin məhsulu olan, bir xalqı yaşadan, əsrdən əsrə keçən, böyük bir tarixi irs nədir? Bu mənəvi dəyərin tərifi yoxdur. Amma “bədii dəyər” anlayışı var. Bədii dəyər özü mədəni dəyərin tərkib hissəsidir. Əgər o yoxdursa, bədii dəyər nədir? Bu məqamlara xüsusi fikir vermək lazımdır.
Sonra, “mədəni məzmun” anlayışını mən “mədəni eynilik” kimi verərdim. Mədəni kimlik, mədəni identiklik bütün dünyada çox məşhur bir məqamdır. Bu gün qloballaşma şəraitində hər bir xalq, hər bir millət öz mədəni identikliyini, mədəni kimliyini ortaya qoyur. Ona görə də bu anlayışa çox dəqiq fikir vermək lazımdır.
Yaradıcı şəxs məsələsi. Burada mədəniyyəti yaradan yaradıcı şəxs haqqında yazılıb: “yaradıcı şəxs – bu Qanunun məqsədləri üçün mədəniyyət nümunələrinin yaradılması ilə məşğul olan fiziki şəxs”. Mədəniyyəti yaradan yaradıcı insan bu qanuna görə onu yaratmır. Bu gün mənim yanımda əyləşən gözəl sənətkarımız həmin gözəl musiqiləri qanuna görə yazmır. Onun içindən gələn duyğuları insanlara, cəmiyyətə çatdırmaq üçün yazır. Yəni məhz bu qanunun müddəaları onun qarşısına bunu bir borc kimi qoymur.
4-cü maddə “Mədəniyyət sahəsində dövlət siyasətinin prinsipləri” adlanır. Hörmətli Nizami müəllimə mən bunu da demişəm. Artıq 200 ildən artıqdır ki, Amerikada dövlət mədəniyyəti maliyyələşdirmir. Xüsusi fondlar, ayrı-ayrı maliyyə qrupları mədəniyyəti maliyyələşdirir. Məsələn, Metropoliten muzeyini, digər muzeyləri göstərmək olar. Çünki millət öz mədəniyyətini qorumaq üçün böyük məsuliyyət hissi yaşayır, başa düşür ki, bunu etmək lazımdır. Hər bir məsələni dövlətin üzərinə qoymaq lazım deyil. Bu bir.
İkincisi, beynəlxalq əməkdaşlıqla və tarixi irsin qorunması ilə bağlı danışmaq istəyirəm. Bu gün işğal altında olan bölgələrimizdə mədəniyyət abidələrimiz dağılıb məhv edilir. Bunların qorunması ilə əlaqədar buraya xüsusi müddəa salmaq lazımdır. Bəli, biz deyə bilərik ki, bu qanun gələcəyə ünvanlanıb, çox az müddətdən sonra biz həmin məsələni həll edəcəyik. Yox. Amma məsələ bundadır ki, maddi, mənəvi abidələr, tarixi irs artıq məhv olub gedib. Bunların məhv edilməsi üçün məsuliyyət daşıyan adamlar var. Bununla əlaqədar burada da məqamlar var.
Layihədə belə bir fikir var: “milli mədəniyyətin qloballaşması”. Milli mədəniyyət qloballaşa bilməz. Həmin gün mədəniyyət məhv olub gedir, artıq milliliyini itirir. Qlobal-laşma şəraitində inteqrasiya, mədəni müxtəliflik, biri-birindən bəhrələnmək ola bilər. Milli mədəniyyət qloballaşdısa, artıq Azərbaycan mədəniyyəti deyil. Artıq “Azərbaycan mə-dəniyyəti” anlayışı əhəmiyyətini itirir. Mədəniyyət universal bir dəyərdir, universal bir məqamdır. Ümumilikdə mənim 167 iradım var. Bu iradları komitəyə verə bilərəm. Mən xahiş edirəm ki, bu iradlara bir daha baxılsın, çünki əks təqdirdə sənəd mükəmməl sənəd olmayacaqdır. Amma layihəyə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, müzakirə etdiyimiz qanun layihəsi xalqımızın və dövlətimizin inkişafı, gələcəyi üçün bəlkə “Təhsil haqqında” Qanun kimi önəmli bir qanunun layihəsidir. Biz azərbaycanlıları azərbaycanlı edən bizim mədəniyyətimizdir. Mən bu qanun layihəsində 2 istiqaməti – incəsənətlə və irsimizlə bağlı məqamları çox əhatəli və geniş görürəm. Amma eyni zamanda, mədəniyyət, sadəcə olaraq, tək incəsənətdən ibarət deyil. Mədəniyyət daha geniş anlam daşımalıdır. Bu istiqamətdə məişət mədəniyyətindən başlayaraq siyasi mədəniyyət, ümumi davranış prinsipləri və mədəni sistemlər qanun layihəsində yerini tapa bilməyib. Sadəcə olaraq, bunu aradan qaldırmaq üçün 22-ci maddəyə bir əlavə etmək istərdim, çünki mədəniyyətin geniş formatda maarifçilik fəaliyyətinə böyük ehtiyac var. Bu gün Azərbaycan cəmiyyətində mədəni maarifçiliyin bəlkə istənilən səviyyədə olmaması ciddi mədəni boşluq yaradır. Bu boşluq mədəniyyətin məhz incəsənətlə və irslə bağlı olmayan hissələrinə aiddir. Düşünürəm ki, mədəniyyətin, maarifçiliyin Azərbaycan cəmiyyəti üçün xüsusi bir fəaliyyət istiqaməti olmalıdır. Bunun da qanun layihəsinin müvafiq bəndində əks olunmasını təklif edirəm.
İkinci məsələ konkret olaraq bizim həyatımızın reallığı ilə bağlıdır. İrsimizin qorunması, mədəniyyətimizin öyrənilib araşdırılması bilavasitə elmlə bağlıdır. Çox təəssüf ki, Azərbay-canda mədəniyyətlə elmin vəhdətinə nail ola bilməmişik. Mən konkret olaraq təklif edərdim ki, Azərbaycanın bu gün mədəniyyət sahəsinə aidiyyəti olan muzeyləri elmi araşdırma mərkəzlərinə çevrilsinlər. Bir tərəfdən bu muzeylərdə çalışan mütəxəssislərin səviyyəsi arta bilər, onların fəaliyyəti, sadəcə, bizim irsimizin nümayişi ilə bitməz. Mədəni irsimiz ciddi öyrənilib və tətbiqi texnologiyalarını bu sistemə daxil etməyə və konkret olaraq maddi səviyyəsini də dəyişdirməyə ehtiyac var. Mənim bildiyimə görə, orta səviyyəli muzey işçilərinin məvacibi bu gün 100–120 manatdan ibarətdir. Məni bağışlayın, belə bir maaşla yetərincə səviyyəyə malik insanları mədəniyyət sahəsinə cəlb edə bilərikmi? Təbii ki, yox. Konkret təklifim budur ki, Azərbaycanın aparıcı muzeyləri, yəni İncəsənət Qalereyası, Xalça muzeyi ölkənin aparıcı elmi araşdırma mərkəzlərinə çevrilsin. Bu fəaliyyətlə məşğul olan elmi araşdırma mərkəzlərinin əlavə maliyyə problemləri həll edilsin. Yaxşı olardı ki, hansısa formada biz bunu qanun layihəsinə əlavə edək. Biz Azərbaycan mədəniyyətinə olan yatırımı, vəsaiti xalqımızın inkişafına və gələcəyimizə yatırım kimi qəbul etməliyik. Düşünürəm ki, bu məsələlər qanun layihəsində müvafiq formada öz əksini tapsaydı, çox yaxşı olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, deyilən iradlar və təkliflərlə bağlı qeydləriniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Hörmətli həmkarlar, qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Biz bunu ikinci oxunuşda səsə qoymalıyıq. Qanun layihəsi 12 fəsildən ibarətdir. Əgər etirazınız yoxdursa, biz onu iki yerə bölək. Buyurun, qanun layihəsinin 1–6-cı fəsillərinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.02 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 107 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 7–12-ci fəsillərə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.03 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 106 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 16.03 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 98 
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız başa çatır.

 


 
EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ


2 noyabr 2012-ci il
—————————

İlyas İsmayılov. Bu gün Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Deməli, biz maddələr üzrə fikirlərimizi söyləməliyik. Mən də bu baxımdan aşağıdakı maddələr üzrə arzularımı müzakirəyə təqdim edirəm.
3-cü fəsil. Mədəniyyət sahəsində insan hüquq və azadlıqları.
Maddə 9. Yaradıcılıq azadlığı.
Maddədə “istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq” sözlərindən sonra “Azərbaycanda yaşayan xalqların və bəşəri mənəvi dəyərlərə zidd olmamaq şərti ilə” sözlərini əlavə etmək, sonra isə mətnə uyğun.
Maddə 12. Mədəni sərvətlərlə xarici ticarət.
Maddədə “həyata keçirilir” sözlərindən sonra “Mədəniyyət sahəsində Dövlət reyestrinə daxil olmuş sənət əsərləri ixrac obyekti ola bilməz” sözlərini əlavə etmək.
Maddə 14. Mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ.
Maddənin 14.2.10-cu bəndində “tədbirlər görür” sözlərindən sonra “kommersiya fəaliyyətində daşınmaz mədəniyyət əmlakının satışı və mədəniyyət müəssisələrinin peşəkar və ixtisas profilinin dəyişməsi istisna olunur” sözlərini əlavə etmək.
4-cü fəsil. Maddə 22. Bənd 22.2.16: “muzey və” sözlərindən sonra “rəsm” sözünü əlavə etmək.
Maddə 25. Bənd 25.7: “...İcazəsi ilə həyata keçirilir” sözlərindən sonra “Kommersiya məqsədi ilə istifadə edilməsi, yaradılma tarixi ən azı 50 ildən az olmamaq şərti ilə, sənət əsərlərini istisna etməklə” sözlərini əlavə etmək.
5-ci fəsil. 28-ci maddəyə 28.4-cü bənd əlavə etmək: “Azərbaycan Respublikasının xalq yazıçısı, xalq şairi, xalq rəssamı, xalq artisti və Əməkdar İncəsənət xadimi” fəxri adlarına layiq görülmüş sənətkarlar dövlət qulluqçusu statusuna bərabər tutulsun”.
7-ci fəsil. 34-cü maddəyə 34.2.6-cı bənd əlavə etmək: “Dövlət müstəsna istedadı olan yaradıcı gəncləri dövlət büdcəsi hesabına dünyanın aparıcı mədəniyyət və incəsənət müəssisələrinə ezam edir”.
8-ci fəsil. 39-cu maddədə 39.6 və 39.7-ci bəndlərin arasına yeni bənd əlavə etmək: “Daşınmaz mədəni irs abidələrin məxsusluğundan asılı olmayaraq, təmiri, bərpası, istər fasadında, istərsə də daxilində olsun, Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının nəzarəti altında həyata keçirilsin”.
42-ci maddəyə 42.4.6-cı bənd əlavə etmək: “Azərbaycanda mövcud olan ənənəvi dinlərin ayinləri və mərasimləri”.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU