20.10.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 24
Mill Məclisin iclas salonu.
20 oktyabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
T. Allahverdiyev, Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin direktoru.
R. Süleymanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini.
R. Gülmalıyev, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə.
3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə.
4. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
5. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə.
7. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
8. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında.
9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında.
10. Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
20 oktyabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçin.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 96
Yetərsay 83
Yetərsay var, müzakirəyə başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hamınızı Dövlət müstəqilliyi günü və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edir, sizə can sağlığı, işlərinizdə uğurlar arzulayıram! Bugünkü gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi ilə yanaşı, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mən ayın 18-də ANS televiziyası ilə müstəqilliyimizin 15 illiyinə həsr olunmuş verilişə baxdım. Doğrudan da, hələ 1991-ci ilin martında SSRİ-nin saxlanmasına dair referendum keçirilərkən Azərbaycan Respublikası Milli Məclisinin 44 nəfər üzvü onun əleyhinə səs veribdir. Mən hesab edirəm ki, Azərbaycanın müstəqilliyinə oktyabrın 18-də ilk səs verən, əslində, həmin 44 nəfərdir.
Azərbaycanda müstəqilliyi xalq hərəkatının nəticəsi olaraq əldə etmişik. Əlbəttə, deyəcəyim məsələ birbaşa Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Çox yaxşı olardı ki, müstəqilliyimizin 15 illiyinin tamamında milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə, 44 nəfərin içərisində SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş mərhum Prezident Heydər Əliyevə ölümlərindən sonra “İstiqlal” ordeni verilsin. Bu, Azərbaycanda milli birliyə xidmət edən bir addım olmaqla, həm də Əbülfəz Elçibəyin timsalında xalq hərəkatına verilmiş qiymət sayılardı.
İndi bəzi fikirlər səslənir ki, guya biz dövlət müstəqilliyini SSRİ-nin dağılması nəticəsində əldə eləmişik. Azərbaycan xalqının çox böyük hissəsi xalq hərəkatında fəal iştirak eləyibdir. O cümlədən indi hakimiyyətdə olan yeni iqtidar, yəni Yeni Azərbaycan Partiyasının bir çox üzvləri xalq hərəkatının fəal iştirakçıları olublar. Biz ayın 18-də həm mərhum Əbülfəz Elçibəyin, həm də Heydər Əliyevin qəbirlərini ziyarət elədik. Əbülfəz Elçibəyin qəbrinin üstü indiyə qədər götürülməyib. Əvvəllər onun ailəsi buna etiraz eləyirdi. Amma dünən mən Əbülfəz Elçibəyin qardaşlarını gördüm, söhbət elədim. Onlar rəsmi müraciət eləyiblər. Əbülfəz bəyin qəbirüstü abidəsi ilə bağlı hökumətin müvafiq qərarı, yaxud Prezidentin sərəncamı imzalanarsa, bu, yaxşı addım olardı. Əbülfəz bəy Gülhanə xəstəxanasında müalicə olunanda, sonra dünyasını dəyişəndə Prezident Heydər Əliyev ona ehtiramını bildirmişdi. Mən hesab edirəm ki, bu addımı atmaq lazımdır.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Son vaxtlar ölkənin ictimaiyyətini narahat edən bir məsələ - media-məmur münasibətləri hamının diqqətini cəlb edir. Bu istiqamətdə mövcud olan bir sıra məsələlər narahatlıq doğurur. Jurnalistlərin bir sıra ittihamlarla məhkəmə qərarı ilə həbs olunması, düşünürəm ki, Azərbaycanın beynəlxalq imicinə xələl gətirir. Son vaxtlar “Azadlıq” qəzetinin binası ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məhkəməyə müraciəti olubdur. Bu binada bir sıra mətbuat orqanı yerləşir.
Digər məsələlər. Bəzi qəzetlərin müəmmalı qapanması belə bir ehtiyac yaradır ki, parlamentin İnsan hüquqları daimi komissiyası media-məmur münasibətləri ilə bağlı müvafiq araşdırmalar aparsın. Düşünürəm ki, parlament bu istiqamətdə daha ciddi addımlar atmalıdır. Burada bir məqam önəmlidir. Birinci, məmurların müəyyən qədər medianın tənqidlərinə daha dözümlü olmağına, ikinci, Azərbaycan mediası üçün müəyyən etika kodeksinin müəyyənləşdirilməsinə ciddi ehtiyac var, çünki mediada insanları tənqid yox, çox vaxt təhqir eləyirlər. İnsanların şərəf və ləyaqətin toxunulmazlığı ilə bağlı maddələrin Cinayət Məcəlləsindən Mülki Məcəlləyə keçirilməsinə böyük ehtiyac var, çünki istənilən demokratik dövlətdə jurnalistlər qorunmalıdırlar. Söz azadlığı, fikir azadlığı hər bir demokratik cəmiyyətdə önəmli məsələ olduğuna görə, zənnimcə, Avropaya inteqrasiya edən Azərbaycanda da bunlara həssaslıqla yanaşılmalıdır. Məmur-media, siyasətçi-media münasibətlərində medianı dəstəkləmək vacibdir. Ehtiyac varsa, digər komissiyaların üzvləri də bu məsələyə qatıla bilərlər. Çox sağ olun.
Sədrlik edən. Cox sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də istərdim, gündəliklə əlaqədar bəzi məsələlərə toxunum. Əvvəla, bu günlərdə bir daha özümüz üçün yəqin etdik ki, ümummilli liderimiz möhtərəm Heydər Əliyevin dediyi kimi, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da qat-qat çətindir. Bu gün çox sevinirik ki, 15 ildə müstəqil Azərbaycan dövləti qurulub və onun qüdrəti gündən-günə artır.
Bu günlərdə bizə təqdim edilmiş 2007-ci ilin dövlət büdcəsi də təsdiq edir ki, hazırda Azərbaycan inkişaf yolundadır. Ölkədə iqtisadi-siyasi islahatlar aparılır, əhalinin sosial müdafiəsinin təminatına xidmət edən işlər görülür və onların nəticəsi göz qabağındadır. Məcburi köçkünlərimiz yeni salınmış qəsəbələrə köçürülürlər, onların işlə təmin olunması məsələsi də artıq öz həllini tapır. Güman edirəm ki, məcburi köçkünlərin statusu ilə bağlı qanunvericilik aktlarına yenidən baxılmalıdır. Artıq tamamilə başqa bir şəraitdə yaşayan bu insanların sosial müdafiəsi, indiki vəziyyəti ilə bağlı məsələlərdə dəyişikliklərə ehtiyac vardır.
Mətbuatla bağlı burada fikir deyildi. Bu gün Azərbaycanda söz azadlığı ən yüksək səviyyədə təmin olunub və hər kəs öz fikrini sərbəst ifadə etmək imkanına malikdir. Azərbaycan demokratik prinsiplərdən heç də geri çəkiləsi deyil. Bu yolda uğurlarımızı daha da möhkəmləndirəcəyik. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə vətəndaşların hüquq və azadlıqları tam təmin olunur. O, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu özünün əməli işlərində göstərir. Bizə təqdim olunmuş qanun layihələrində qanunvericiliyə edilən əlavə və dəyişikliklər göstərir ki, haqq və ədalət yolunda inamla gedirik. Hamımız bunu görməyi və qiymətləndirməyi bacarmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Sədr. Bu gün Energetiklər günüdür. Azərbaycan energetikasının şanlı bir tarixi vardır. Ölkədə neft sənayesinin yüksəlişi ilə bağlı energetika sahəsi də paralel inkişaf edir. Ancaq onun daha uğurlu inkişafı ən çox 1970-ci illərə, yəni ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrə təsadüf edir. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda bu gün elektrik enerjisinin 50 faizdən çoxunu istehsal edən Mingəçevir su-elektrik stansiyasının tikintisinə başlandı və onun birinci bloku istifadəyə verildi. İndi Mingəçevir energetika şəhərinə çevrilıbdir.
Prezident İlham Əliyev də bu sahəyə böyük diqqət və qayğı ilə yanaşır. O, yaxşı bilir ki, energetika daim investisiya, yeni texnologiyaların tətbiqini tələb edir. Bu reallığı biz görürük. Bu gün təkcə iri sənaye şəhərlərində deyil, eyni zamanda, Azərbaycanın ayrı-ayrı bölgələrində də yeni texnologiyalarla işləyən yardımçı elektrik stansiyalarının tikintisi göz qabağındadır. Mən fürsətdən istifadə eləyərək Energetiklər günü münasibəti ilə bu peşə sahiblərini təbrik edirəm. Həmin sahənin bundan sonra da daim diqqət mərkəzində olacağına inanır və buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən də qarşıdan gələn Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Belə bir təklif irəli sürürəm ki, əgər imkan varsa, Milli Məclisin adından da Azərbaycan xalqını təbrik edək. Növbəti iclasımıza iş günü olmadığına görə yığışmayacağıq.
Digər bir məsələni də xatırlatmaq istəyirəm. Cənab Prezident bu yaxınlarda dəniz səviyyəsindən yüksəklikdə yaşayan insanların sosial müdafiəsi ilə əlaqədar çox gözəl bir fərman verdi. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasında yaşayan bütün insanlar ona öz minnətdarlığını bildirirlər.
Bu yaxınlarda büdcəni müzakirə edəcəyik. Mən hesab edirəm ki, sərhəd rayonlarının, o cümlədən dağlıq ərazilərdə yaşayan insanların bir sıra vergilərdən azad edilməsi məsələsi həmin sənəddə öz əksini tapsa, yaxşı olar. Xüsusi ilə mən Naxçıvan Muxtar Respublikası ilə əlaqədar qeyd edə bilərəm ki, ora blokada vəziyyətindədir. Sakinlər təyyarələrdən başqa heç bir nəqliyyat vasitəsindən istifadə eləyə bilmirlər. Ona görə onlara bir sıra güzəştlərin büdcədə öz əksini tapmasını vacib hesab edirəm.
Burada həmkarlarım mətbuatla bağlı fikirlərini qeyd elədilər. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda, doğrudan da, söz azadlığı geniş şəkildə, hətta mən deyərdim, həddindən artıq təmin olunubdur. Ancaq mətbuatda dərc olunan yazılarda insanların hüquqlarına toxunulur. Milli Məclisin burada oturan üzvləri haqqında olmazın böhtanlar, şayiələr və insanlığa uyğun gəlməyən müəyyən fikirlər qəzet səhifələrinə çıxır. Bunun hüquqi yolla, məhkəmə vasitəsi ilə həll eləyəndə, kimi isə nizam-intizama dəvət eləyəndə başlayırlar ki, mətbuata qarşı təzyiqlər olur. Yazılmasın və məhkəməyə də müraciətlər olmasın. Məsuliyyətə cəlb olunanların da böyük əksəriyyəti bu günə qədər neçə milyon manatlarla cərimələrini dövlət büdcəsinə ödəmirlər. Həmin büdcədən pensiya, müəllimlərə, həkimlərə əmək haqqı verilir.
Mən hesab edirəm, hüquq çərçivəsində bu məsələ həll olunmalıdır. Heç kəs burada ərköyün övlad deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən adam digərinin hüququnu pozduqda onun hüququ da hüquq çərçivəsində məhdudlaşdırılmalıdır. Biz qanunlara baxıb yenidən bu məsələyə toxunmalıyıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada kiminsə hüququ pozulsun, təhqir olunsun və o öz haqqını tələb etməsin. Bu məsələyə toxunanda onun digər tərəfini, yəni hüquqların pozulmasını qeyd etmək vacibdir. Təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bizim gündəlikdə vacib məsələlər var və bu məsələləri, yəqin ki, gün ərzində müzakirə edəcəyik. Azərbaycanda sosial-iqtisadi qanunvericiliyin hüquqi bazasının möhkəmləndirilməsində, hesab edirəm ki, baxacağımız məsələlər mühüm rol oynayacaq.
Burada deputat həmkarlarım tərəfindən qaldırılan məsələlərin bir hissəsinə mən də qoşuluram. Xüsusi ilə, Oqtay müəllim, çətin illərdə Azərbaycanın müstəqillik aktının qəbul edilməsində iştirak edən insanları unutmaq olmaz. Nüfuzunuzdan istifadə edib Azərbaycan Prezidenti qarşısında, - məsələni təqdim eləməkdən çox şey asılıdır, - 2000-2005-ci illərdə Milli Şuranın üzvü olmuş deputatların pensiya məsələsini qaldırın. Bunun həll olunmasına yardım göstərməyinizi Sizdən xahiş edirəm.
Deputat Qüdrət Həsənquliyevin Əbülfəz bəyin qəbirüstü abidəsinin götürülməsi ilə bağlı qaldırdığı məsələ, hesab edirəm, çox vacibdir. Məncə, bu insanın Azərbaycan milli azadlıq hərəkatında, milli prosesdə böyük rolunu, Azərbaycanın Prezidenti olmasını nəzərə alaraq həmin işi görmək hökumətimizə başucalığı gətirər.
Burada toxunulan media-məmur münasibətləri, doğrudan da, son günlər Azərbaycanda ciddi problem kimi meydana çıxıbdır. Son iki həftə ərzində bilirik ki, “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetləri qapandı. “Azadlıq” qəzeti redaksiyasına təzyiq olunur ki, 14 il yerləşdikləri binadan çıxsınlar. Maraqlıdır, 14 ildə bu adamlar bilmirdilər ki, redaksiya həmin binada yerləşir? Bu məsələ nə üçün indi gündəliyə gəlib?
İkinci tərəfdən isə ANS televiziya kanalı ilə bağlı baş verənlər də həqiqi mənada ciddi narahatlıq yaradır. Məlum olduğu kimi, hamımız bu respublikada yaşayırıq. ANS Azərbaycanın informasiya siyasətində xüsusi yeri və rolu olan bir televiziya kanalıdır. Vətəndaşların obyektiv, doğru, düzgün informasiya almasında bu kanalın xüsusi rolu vardır. İstər vergi orqanları, istərsə də Milli Teleradio Şurası tərəfindən bu kanala qarşı yeridilən siyasət, belə münasibət, hesab edirəm, doğru deyil.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Müzakirəyə təqdim olunan məsələlərin əksəriyyətini aktual hesab etmədiyimdən gündəliyə mənfi rəy verdim. Bir sıra millət vəkillərinin toxunduqları aktual məsələləri mən də müdafiə eləyirəm. Hesab edirəm ki, azad sözlə bağlı hücum dalğası müzakirə olunmalıdır. Bu çox təhlükəli bir haldır. Hesab edirəm ki, “Turan” İnformasiya Agentliyi, “Azadlıq” qəzeti və ANS-ə olan hücumlar, həqiqətən də, pislənilməli və burada xüsusi müzakirə obyektinə çevrilməlidir.
Qeyd etmək istədiyim digər məsələlərdən biri seçildiyim 34 saylı seçki dairəsi ilə bağlıdır. Qaçqın və köçkünlərin ağır həyatı mediada müəyyən qədər öz əksini tapıb və tapır. Onların ağır həyatını ölkə ictimaiyyəti, dünya daha yaxından bilməlidir. Amma tamamilə diqqətdən kənarda on ildən çox ömür sürmələrinə baxmayaraq yenə çətin şəraitdə qalan bu zəif təbəqə haqqında məlumatımız azdır. Hətta onların özünə məxsus adları da yoxdur… Seçicilərim - təxminən 6-7 min vətəndaş ailəvi yataqxana sayılan 12 binada yaşayır. Özləri demişkən yaşamırlar, tədricən məhv olurlar. 18-20 kvadratmetrlik mənzildə bir ailənin 4-5 üzvü sakindir. Bəziləri birotaqlı mənzildə 15 ildir ki, yaşayırlar. Onlardan baba, nənə olanlar da var. Bu binaların kommunal şəraiti həddindən artıq bərbaddır. Təsəvvür edin, 10-12 ailə bir mətbəxdən və üzr istəyirəm, bir ayaqyolundan istifadə edir. Onların da hərəsində bir su kranı var. Binaların zirzəmiləri su ilə dolubdur. Qışda belə, ağcaqanad əlindən tərpənmək olmur.
Ailəvi yataqxanalarda, bir qayda olaraq, elektrik enerjisinə sayğac qoymurlar. Hərəsinə də 400-500 yeni Azərbaycan manatı məbləğində borc yazıblar. Sakinlər ayrı-ayrılıqda hər ay 4 yeni Azərbaycan manatı ödəyirlər, amma elektrik enerjisi satışı idarəsi bununla qane olmur, nəzarətçilər gəlib işıqlarını kəsirlər. Əlbəttə, çətin problemdir. Bəs Milli Məclis nə eləməlidir? Təklif edirəm, Sosial siyasət daimi komissiyasında bu təbəqənin ağır vəziyyəti barədə məsələ müzakirə ounsun, hər binadan bir nümayəndə çağırıb dinləsinlər.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də müstəqilliyimizin 15 illiyi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Məndən əvvəl çıxış eləyən deputat həmkarlarım kifayət qədər aktual məsələlərə toxundular. Mən də bu məsələləri bir qədər genişləndirmək istərdim. Xüsusi ilə mətbuat üzərinə olan basqılar haqqında danışmaq istəyirəm.
ANS şirkətlər qrupu Azərbaycanın dövlət müstəqilliyi ilə yaşıddır. 15 ildir ki, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ANS-dən obyektiv informasiya almağa çalışır, ən çətin və gərgin məqamlarda düzgün sözü deyə biləcək kanal kimi üzünü ANS-ə tutur. Amma, nədənsə, 3 ildir ANS-ə lisenziya verilmir. Milli Teleradio Şurası bu lisenziyanın verilməməsini ayrı-ayrı səbəblərlə izah eləyir. Bu, çox ciddi məsələdir, mətbuat üzərinə basqıdır. ANS-in üzərindən bu basqı götürülməlidir və bizim ilk müstəqil teleradio kanalımız kimi onun yayımına, inkişafına geniş şərait yaradılmalıdır. Dövlət bu sahəyə əlavə kreditlər, imkanlar yaratmaq əvəzinə onu belə problemlər qarşısında qoymamalıdır.
Bəzi qəzet və jurnallar üzərinə olan basqılar da bizdə ciddi narahatlıq doğurur. Bundan əvvəl Elmar Hüseynovun qətli ilə bağlı işin üstünün açılmaması, Bahəddin Hacıyevin döyülməsi, Şahin Ağabəylinin həbs olunmasını və müxtəlif dövrlərdə bunlara bənzər halları, əlbəttə, unutmaq çətindir. Bunlar təkcə Azərbaycanın daxilindən deyil, beynəlxalq təşkilatlardan da dövlət üzərinə ciddi basqılarından xəbər verir. Avropa Şurasının sessiyalarına çıxarılan ayrı-ayrı hesabatlarda bu məsələlər qaldırılmalıdır. Bizim bütün daimi komissiyalar, o cümlədən Milli Məclis məmur və jurnalist münasibətlərini tənzimləmək üçün qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər verməlidirlər.
Yenə onu demək istəyirəm ki, bu gün “Azadlıq” qəzetinin öz ofisindən çıxarılması və onunla bərabər “Bizim yol” qəzetinin orada təhlükə ilə üz-üzə qalması, “Ayna-Zerkalo” qəzetinə Dövlər Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müəyyən cərimələr tətbiq etməsi, “Qanun” jurnalı redaksiyasına ofisindən çıxarılması ilə bağlı xəbərdarlıq olunması mətbuat üzərinə basqıların hələ də davam etməsindən xəbər verir. Jurnalistlərin hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı ilə bağlı məsələlərdə millət vəkilləri və səlahiyyətli dövlət qurumlarının obyektiv mövqeyi Azərbaycanın dövlət mənafeyinə, onun beynəlxalq imicinə xidmət etməkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən burada ölkədəki sosial-iqtisadi problemlərlə bağlı səslənən bir sıra obyektiv fikirlərlə tam razıyam. Hesab edirəm ki, Milli Məclis onların aradan qaldırılmasına çalışacaq, həmişə olduğu kimi, bu dəfəki fəaliyyətində də həmin problemləri əks etdirən müzakirələrə şərait yaradacaqdır. Onlar bu və ya digər qanunlara dəyişikliklər zamanında gündəmə gətirilməlidir və gələcəkdə də gətiriləcəyinə inanıram.
Son iclaslarda Azərbaycan mətbuatı, Azərbaycan məmurları, məmur-jurnalist münasibətləri barədə məsələlər gündəliyimizə daxil olubdur. Bunlara, hər zaman olduğu kimi, indi də xüsusi cəhdlər göstərilir. Hər bir dövlətdə, demokratik cəmiyyətdə qanunun aliliyi prinsipi aparıcı prioritet olmalıdır. Jurnalistdən tutmuş millət vəkilinə qədər hər birimiz bu prinsipin möhkəmlənməsinə xidmət etməliyik. Mən bunları təbii qəbul edirəm ki, bütün digər ölkələrdə olduğu kimi, əlbəttə, Azərbaycanda da mətbuat və söz azadlığı olmalıdır. Biz bunda maraqlı olduğumuzu sübut etmək üçün yeri gələndə onların müdafiəsinə qalxmalıyıq. Amma əli qələmli və çox geniş təsir vasitələrinə malik olan, həm yazılı, həm də elektron mətbuat orqanlarında işləyən şəxslər də gərək öz fəaliyyətlərində qanunun aliliyi prinsipini daim əldə rəhbər tutsunlar. Bu gün heç bir cəmiyyətdə olmayan bir qaydanı Azərbaycanda, nədənsə, qəbul etdirmək istəyirik. “Jurnalist toxunulmaz bir kateqoriyaya aid edilməlidir” fikri düzgün deyil.
Bildiyiniz kimi, biz əlillər, müharibə veteranları, əvvəllər yüksək güzəştlərlə fəaliyyət göstərən digər seçkili orqanların nümayəndələri üçün nəzərdə tutulan qaydaları aradan qaldırırıq. Güzəştli bir cəmiyyət formalaşdırmaq istəyirik. Əgər belədirsə, onda bütün bunları təbliğ etməli, mahiyyətini açmalı olan insanları - belə bir kateqoriyanı güzəştli bir təbəqə kimi formalaşdırmağa cəhd göstərməməliyik. Hesab edirəm ki, qanunların aliliyi prinsipi, ilk növbədə, əlində qələm olan insanlar üçün vacibdir. Jurnalistlər bu məsələdə daha nümunəvi fəaliyyət göstərməlidirlər, çünki başqalarına nisbətən onların fəaliyyəti göz qabağındadır. Hər kəs yaradıcı insanların fəaliyyətindən bu və ya digər şəkildə bəhrələnir, ya xeyir, ya da ziyan çəkir. Belə olan təqdirdə jurnalistlərdən də müdafiə mexanizmlərini fikirləşməliyik.
Bu gün cəmiyyətin ən hörmətli, ən nüfuzlu insanları çox zaman onların əli ilə nahaq iradlara, ittihamlara və təhqirlərə məruz qalırlar. Mən az-az eşidirəm ki, onlardan kimsə bütün ömrünü xalqına xidmətə həsr edən insanların yaxşılığına təmənnasız bir söz desin, onlarla bağlı xeyirli bir məsələ qaldırsın. Niyə bunları demir, belə məsələləri qaldırmırıq? Məgər onlar bizdən deyillərmi? Məgər biz görkəmli insanların adı ilə fəxr etmirikmi, qürur duymuruqmu? Niyə fəaliyyətindən, adından qürur duyduğumuz insanları 18-20 yaşlı yaradıcılıq təcrübəsi və peşəkarlığı olmayan bir jurnalistin qələminə qurban vermək istəyirik? Kimə özümüzü göstərmək istəyirik? Biz Azərbaycanda demokratiyanı istəyiriksə, bu, demokratiyaya söykənən hər şeyin üstündən qara xətt çəkib üç-beş əlində qələm olandan qorxaraq geri çəkilmək demək deyil. Demokratiya vasitəsi ilə həmin insanlara da yerlərini bilməyi öyrətmək lazımdır.
Mən də ANS-in, “Azadlıq” qəzetinin vaxtilə milli hərəkatın yaranıb genişləndiyi zamanlarda insanları son dərəcə çətin və ağır şəraitdə lazımi informasiya ilə təmin etmək, bu və ya digər istiqamətlərdə faydalı işlər görmək kimi fəaliyyətlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, ANS-in lisenziya ilə bağlı problemləri, - mən Siyavuş müəllimin fikirlərinə dəstək verirəm, - hansısa narazılıq, narahatlıq doğuran məqam varsa, hüquqi müstəvidə müvafiq orqanlar vasitəsi ilə həll olunmalıdır. ANS, əlbəttə, Azərbaycanda öz fəaliyyətini yenə də davam etdirəcəkdir.
“Azadlıq” qəzeti redaksiyasının yerləşdiyi yerdən çıxarılmasına gəldikdə isə, demək istəyirəm ki, nəinki “Azadlıq”, onun kimi fəaliyyət göstərən bütün qəzetlərin hər birinin ofislə təmin olunmasına tərəfdaram. Amma, heç olmasa, əlinizdə olan qələmdən istifadə edib işlədiyiniz, yaşadığınız, fəaliyyət göstərdiyiniz yerin hüquqi cəhətdən sizə mənsub olduğunu təsdiqləmək üçün müvafiq orqanlara məktublar yazaydınız. Təəssüf ki, kimi isə təhqir etmək üçün daim mövzuların axtarışında olan “Azadlıq” qəzeti əməkdaşlarından heç birinin ağlına gəlməyibdir ki, vaxtilə bu idarələrə müraciət etsin. Redaksiyanızın yerləşdiyi binaya görə vaxtında müqavilə bağlamaq, icarə haqqını ödəmək, onu balansa götürmək, özününküləşdirmək olardı. Niyə bunları vaxtında eləməyiblər? İndi deyirlər ki, 14 ildir, burada fəaliyyət göstəririk, yerimizə dəyməyin. İndi 24 il də gözləyək ki, “Azadlığ”ın nə vaxtsa ağlına gələcək və öz ofisini özəlləşdirəcək? Bununla bağlı iddia qaldıra bilirsə, qaldırsın. Əgər biz eləməsəydik, bir başqa idarədə qanunsuzluq olsaydı, onu çox böyük hay-küylə üzə çıxarar və deyərdiniz ki, niyə belədir, Azərbaycan hökuməti haraya baxır?
Mən, əziz həmkarlar, bəlkə bir az emosional danışdım. Elə bu cür də danışmaq lazımdır, çünki belə hallarda soyuqqanlı olmaq mümkün deyil. Mənim üçün hər şeydən əziz bu günə qədər xalqımın qazandığı sərvətdir. Həmin sərvətin də başında dayanan onun ziyalısı, tanınmış şəxsləri və mütəfəkkir insanlarıdır. Gəlin, bu insanları qələmin acı, iti ucundan qoruyaq. Eyni zamanda, həmin qələm sahiblərinə də şərait yaradaq ki, qanunun aliliyi prinsipini heç vaxt unutmasınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələrə keçirik. Bahar xanım çox dəyərli bir çıxış elədi. O burada səslənən fikirləri ətraflı təhlil etdi, qaldırılan suallara da cavab verdi. Mən bu məsələlər haqqında daha danışmaq istəmirəm. Çox mötəbər məclisimizdə qaldırılan məsələlərə baxılacaq və bunlar müzakirə olunacaq. ANS şirkətlər qrupu Milli Məclisin Sədrinə də məktub ünvanlayıb, bu, araşdırılır. Cahangir Kazımovu da dəvət edəcəyik. O ki qaldı “Azadlıq” qəzeti haqqında danışıqlara, onu bağlayan yoxdur. Bina ilə bağlı məsələ qanun çərçivəsində həll olunmalıdır. Hələlik Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi izn verib. Mən söz verirəm ki, bu məsələni də araşdırarıq. Təklif edildiyi kimi, İnsan hüquqları daimi komissiyasına tapşırılacaq, sonra bir yerdə həmin məsələlərə baxarıq.
Mən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Mənim media işçilərinə çox böyük hörmətim var. Millət vəkilləri danışanda deyirlər ki, Azərbaycanda söz azadlığı var. Ancaq mən indiyə kimi eşitməmişəm ki, bir millət vəkili ayrı-ayrı həmkarları haqqında qəzetdə təhqirlər, Milli Məclisin bütün üzvlərinə həqarət yazılanda, bu haqda danışsın. Bəzi media nümayəndələri bütün millət vəkilləri, Milli Məclis haqqında təhqiramiz məqalələr yazırlar. Bu zaman heç bir millət vəkili demir ki, ay mətbuat nümayəndəsi, sənin nə ixtiyarın var ki, xalq tərəfindən seçilmiş Milli Məclisə, onun deputatlarına belə həqarətlər, təhqirlər yağdırırsan? Deyilən sözlər gərək ikitərəfli olsun. Bir-birimizə hörmət eləmək ən vacib məsələlərdən biridir.
Keçək gündəliyin müzakirəsinə. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. “Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” Birgə Bəyannamə 2006-cı il martın 11-də Bakı şəhərində imzalanmışdır. Komissiyamızda müzakirə olunmuş bu sənədə müsbət rəy vermişik.
Qarşımızda olan Birgə Bəyannamənin üç əsas məsələsini bir də nəzərinizə çatdırmaq istəyirəm. Birgə Bəyannamədə iki ölkə arasında münasibətlərin bütün sahələri öz əksini tapmışdır. Azərbaycanın çox yüksək səviyyədə inkişaf etmiş Koreya Respublikası ilə münasibətləri və əməkdaşlığı vacib və əhəmiyyətli məsələdir. Bunu sübut edən bir neçə məqama toxunmağı lazım bilirəm. Hər iki ölkə mədəniyyət, incəsənət, təhsil, kütləvi informasiya vasitələri, idman və turizm sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişdir. Bir misal çəkə bilərəm. Koreya mədəniyyəti bu saat Azərbaycanda çox yüksək səviyyədə təhlil və inkişaf mərhələsini yaşayır. Misal üçün, Koreya dili fakültəsi artıq bizim Dillər Universitetində var. Bizim tələbələr Koreya universitetində təcrübə keçirlər. İdman sahəsində nailiyyətləri də qeyd etmək olar. Çox böyük nailiyyətlər var. Bunlar, doğrudan da, reallığı və zərurəti əks etdirən faktlardır.
İkinci, bəyannamədə ənənəvi olaraq yalnız Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri ilə yanaşı, bizim üçün strateji əhəmiyyət daşıyan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsinə və quraşdırılmasına birgə münasibət bildirilibdir. Bu münasibəti müsbət saymaq olar, çünki hər iki ölkənin maraqlarına uyğun gəlir. Bu da bizim üçün vacib bir məsələdir.
Nəhayət, üçüncü məsələ Azərbaycanın ən ağrılı yeri Dağlıq Qarabağ məsələsidir. Koreyanın gündən-günə artan nüfuzu, beynəlxalq münasibətlər sahəsində özünəməxsus imkanları bütün dünyada fəaliyyətdə olan siyasətçilərə çox yaxşı bəllidir. Təsadüfi deyil ki, bu yaxınlarda Koreyanın keçmiş xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçilmişdir. Bu, ölkənin beynəlxalq münasibətlərdə roluna verilmiş qiymətdir. Azərbaycan-Koreya münasibətlərində Koreya tərəfi ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə də biganə qalmır. Onun beynəlxalq qanun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını düzgün hesab etməsi bizim üçün çox vacib və əhəmiyyətlidir.
Birgə Bəyannamə haqqında çox danışmaq olar. Azərbaycanın maraqlarına uyğun gələn sənədin ratifikasiya olunmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası və Koreya Respublikası arasında hava əlaqələri haqqında Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Səməd müəllim Azərbaycan-Koreya münasibətləri ilə əlaqədar fikirlərini söylədi. Mən də onu əlavə etmək istəyirəm ki, həmin münasibətlərin inkişafına xidmət edən hüquqi sənədlərdən biri də hava əlaqələri haqqında Sazişdir. Saziş daimi komissiyada müzakirə edilmiş və onun Milli Məclisə müzakirəyə çıxarılması tövsiyə edilmişdir.
Sazişin həyata keçirilməsi nəticəsində hər iki ölkə arasında aviasiya, hava əlaqələri inkişaf edəcək, bu məsələlər vergi qoyulmadan tənzimlənəcəkdir. Müvafiq şirkətlərin ayrı-ayrı ölkələrdə kommersiya fəaliyyəti ilə bağlı məsələləri də həll olunacaqdır. Uçuşların və aviasiyanın təhlükəsizliyinə riayət olunması ilə əlaqədar Sazişdə təkliflər, maddələr nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Saziş Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müntəzəm hava əlaqələrinin nizamlanmasına və Bakıdan keçməklə Seuldan Asiya regionuna tranzit sərnişinlərinin daşınması potensialından istifadə etməyə imkan yaradacaqdır. Təklif olunur ki, bu Sazişə Milli Məclis yüksək dəyər versin.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov, əlavəniz yoxdur ki? Buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Bu gün Koreya Respublikası ilə Azərbaycan dövləti arasında əməkdaşlıq münasibətlərinin qurulması müsbət haldır, çünki hər iki xalqın taleyinə ayrılıq düşmüşdür. Bizim də 35 milyonluq xalqımız, Şimali Koreyada olduğu kimi, özünün demokratik hüquqlarından məhrum edilmişdir. Bu gün bizim Koreya ilə dostluq əlaqələrimizin genişlənməsi Qarabağ məsələsinin həllinə müsbət önəm verəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədədir. Bu məsələyə Milli Məclisin 8 komissiyasında baxılmışdır. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra qanunlarda, o cümlədən “Antiinhisar fəaliyyəti haqqında”, “Rəsmi statistika haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Təbii inhisarlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət satınalmaları haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlarda, Azərbaycan Respublikasının Vergi Məcəlləsində informasiyaların açıqlanmasının mahiyyəti ilə əlaqədar müəyyən dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklərin mahiyyəti bütün qanunlarda eynidir.
Mən istərdim ki, vaxtınızı almadan yalnız bir qanunda olacaq dəyişikliyi sizin nəzərinizə çatdırım. “Antiinhisar fəaliyyəti haqqında” Qanuna “İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi” adlı 16.1-ci maddə əlavə olunur. Həmin əlavə belədir: “Əmtəə bazarında hökmran mövqe tutan xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.”
Belə dəyişikliklər hər bir qanunun tətbiqi ilə əlaqədar olaraq digər qanunlarda da nəzərdə tutulmuşdur. İstər “Rəsmi statistika haqqında”, istər “Dövlət satınalmaları haqqında”, istərsə də “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunların tətbiq sahəsinə görə informasiya açıqlamalarının verilməsi məqsədəuyğun sayılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində çalışan mütəxəssislərin iştirakı ilə komissiyada bu məsələ müzakirə olunubdur. Təklif olunur ki, bu qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılsın.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlarım! “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə məsələyə bizim komissiyada da baxılıbdır. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə edilən dəyişiklikdə “İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi ilə əlaqədar parlament qarşısında hesabat verən orqanların siyahısına bir orqan, daha doğrusu, informasiya məsələləri üzrə müvəkkilin də hesabatı əlavə olunur. Hesab edirəm ki, bu, parlament nəzarəti, parlamentarizm ənənələrinin genişlənməsi baxımından çox əhəmiyyətlidir.
Eyni zamanda, “Milli Məclis Sədrinin səlahiyyətləri” maddəsinə daha bir abzasın əlavə olunması təklif edilir. Tamamilə düzgün olaraq “İnformasiya əldə etmək haqqında” Qanunun müvafiq maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallarda informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Milli Məclis Sədrinin səlahiyyətindədir.
“Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən əlavə də bütövlükdə birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarının qanunvericilikdə müəyyən üsullarla açılmasına həsr olunub. Hesab edirəm ki, bu da məhkəmə fəaliyyətinin şəffaflığına, vətəndaşlarımızın daha çox məlumat almasına xidmət edən bir məsələdir. Digər qanunvericilik aktlarına, o cümlədən “Normativ hüquqi aktlar haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara, Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar məcəllələrinə də bu qəbildən əlavə və dəyişikliklər edilir. Həmin vacib düzəlişlərlə “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarına görə informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edilməlidir. İnzibati məsuliyyətlə bağlı qanunvericilikdə edilən konkret əlavələr bu məsələni həll etmiş olur.
Qeyd etmək istəyirəm ki, informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasının bütün növlərinə görə inzibati cəzalar nəzərdə tutulur və qanunvericiliyimizin imkan verdiyi ən yüksək həddə cərimələr müəyyənləşdirilir. Hazırda inzibati qanunvericiliyə görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətlərinin burada nəzərdə tutulan sanksiyalarda ən yüksək hədləri müəyyən edilmişdir. Hesab edirəm ki, bu, bütövlükdə qanunvericilik təşəbbüsü subyektinin inzibati xətaya, yəni informasiya əldə etmək hüququnun pozulması məsələsinə ciddi yanaşmasından irəli gələn bir haldır. Hesab edirəm, “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarının digər qanunvericilik aktlarına köçürülməsi və beləliklə, qanunvericiliyimizin tənzimlənməsi baxımından bu əlavə və dəyişikliklər zəruridir. Hörmətli həmkarlarım, qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə əlaqədar Ailə Məcəlləsinin 158.1-ci maddəsinə də iki cümlə əlavə edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi, həm ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır” cümləsindən sonra edilən əlavə belədir: “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə olunmasına məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir”. Hesab edirəm ki, düzgün əlavədir və bizim komissiyamız buna müsbət rəy veribdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı “Milli arxiv fondu haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlarda da dəyişikliklər olub.
“Milli arxiv fondu haqqında” Qanuna edilən dəyişiklik daha çox strateji xarakter daşıyır. Əvvəl nəzərdə tutulurdu ki, vətəndaşların şəxsi həyatı onların sağlamlığı, ailə həyatı və sair ilə bağlı arxiv sənədlərindən həmin sənədlərin yaranmasından 75 il sonra istifadə edilə bilər. Bu da xeyli problemlər yaradırdı. Onun üçün də burada daha konkret şəkildə qeyd olunur ki, belə hallar nəzərdə tutulmayıb. Həmin sənədlər bu vaxta qədər yalnız vətəndaşın özünün və yaxud onun vəfatından sonra varislərinin icazəsi ilə açıla bilərdisə, indi daha konkret şəkildə rəqəmlərlə göstərilib ki, şəxsin vəfatından 30 il və ya həmin şəxsin doğumundan 110 il sonra açıla bilər. Buna bizim komissiyanın münasibəti belədir ki, daha dəqiq şərhdir, daha dəqiq ifadədir.
“Televiziya və radio yayımı haqqında” Qanunun bir neçə maddəsinə əlavələr olunub. Bu əlavələr zahirən yalnız bir sözün artırılması kimi görünə bilər. Hər yerdə yayımçının verdiyi məlumat yalnız “insanın şəxsi həyatı” sözləri ilə təsbit olunurdu. Yəni verilən məlumat insanın şəxsi həyatına aiddir və ya şəxsi həyatına aid məsələləri müəyyənləşdirir. Amma burada artıq “şəxsi və ailə həyatı” sözləri yazılıbdır. Həqiqətən də belədir. Bizim televiziyalarımız, ümumiyyətlə, mətbuatımız bir insanın şəxsən özü haqqında hər hansı qəbuledilməz məlumatı verə bilər. Amma nəticə etibarı ilə ailə haqqında məlumatla həmin şəxsin özünə təzyiq göstərilə bilər. Bu da qanunda müəyyən boşluq yaradırdı. Şəxsin bilavasitə özündən danışmadan, qanunsuz, icazəsiz olaraq onun ailəsi ilə bağlı hər hansı məlumat verilibsə, bu, artıq şəxs haqqında məlumatın verilməsi kimi nəzərdə tutulub. Bu mənada qanuna edilən düzəlişlər özünü doğruldur. İctimai münasibətlərimiz, şəxsi münasibətlər və televiziyaların daha rahat işləməsi üçün informasiya siyasəti ilə bağlı bu məsələlər daha dəqiq və konkret göstərilməlidir.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar, qeyd edildiyi kimi, qanunvericilik aktlarına müəyyən dəyişikliklər, düzəlişlər və əlavələrin edilməsi tamamilə obyektiv və təbiidir. Eyni zamanda, bu qanunun müddəalarının əvvəllər qəbul olunmuş qanunvericilik aktlarında nəzərdə tutulan maddələrlə uyğunlaşdırılması zəruri sayılmalıdır. Qanun layihəsində 25-ə yaxın müxtəlif qanunvericilik aktlarında düzəlişlər, əlavələr nəzərdə tutulur. Onlardan bir neçəsi bilavasitə Elm və təhsil məsələləri daimi komissiyasına məlumdur. Bunlar hansılardır?
Birinci, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərdir. Burada 8-ə yaxın müxtəlif xarakterli düzəliş, əlavə vardır.
İkinci, “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanuna edilən əlavəyə baxmışıq. Nəhayət, üçüncü dəyişiklik “İctimai televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulubdur. Nəzərinizə çatdırıram ki, bütün bu dəyişikliklər Elm və təhsil məsələləri daimi komissiyasında geniş müzakirə olunmuş və həmin dəyişikliklər qanunauyğun hesab edilmiş, müsbət qarşılanmışdır. Ona görə mən də əlavə və dəyişiklikləri bəyənirəm və xahiş edirəm ki, onların qəbuluna müsbət səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bizim komissiya 5 qanuna edilən əlavə və dəyişiklikləri müzakirə etmişdir. Bu qanunlar ötən çağırış zamanı qəbul olunmuş və kifayət qədər vacib sənədlərdir.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 5-ci maddəsinin üç bəndində dəyişikliklər nəzərdə tutulub və onların hər biri hüququn və zamanın tələbinə uyğun olaraq vacib sayılmalıdır.
5-ci maddənin 2-ci bəndinin onuncu hissəsi “Müraciətə baxılma qaydası” adlanırdı. Maddənin mövcud variantında olan “Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu, mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır” sözləri çıxarılır və birgünlük müddət 15 günlə əvəz olunur, çünki 24 saat ərzində məlumat vermək mümkün olmurdu.
İkinci, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilmişdir. Bu qanunun müzakirəsi zamanı “informasiya” və “sənədləşdirilmiş informasiya” anlayışlarına verdiyimiz tərif çoxlarını qane etməmişdi. Hörmətli həmkarlarımız çox çalışdılar ki, “informasiya” termininin məzmununu düzgün əks etdirən bir tərif tapsınlar, ancaq mümkün olmadı. İndi burada verilən düzəliş daha gözəl və dəqiqdir. Mövcud variantdan fərqli olaraq təklif olunan variantda “informasiya” məfhumunun mahiyyəti tam açılır. Deputat həmkarlarımın o vaxt təklif elədikləri fikirlər yeni variantda öz əksini tapıbdır. Burada bir məqam da var. Bu qanunda “informasiya” və “sənədləşdirilmiş informasiya” məfhumlarına verilmiş təriflər arasındakı fərqlər aradan götürülüb, yəni dəqiqləşdirmələr aparılıb.
“Məlumat azadlığı haqqında” Qanunda da əhəmiyyətli dəyişikliklər edilibdir. Ancaq 13-cü maddəyə təklif olunan əlavə bilavasitə informasiya məsələləri üzrə müvəkkillə əlaqədardır. Bu günə qədər informasiya məsələləri üzrə müvəkkil fəaliyyət göstərmir. Buna görə də haraya, məhkəməyə, yaxud informasiya məsələləri üzrə müvəkkiləmi şikayət etmək məsələsi hələ də açıq qalır. İnanıram ki, yaxın vaxtlarda bu da həll olunduqdan sonra qanunun həmin müddəası öz dəqiq həllini tapacaq.
“İctimai televiziya və radio yayımı haqqında” Qanuna əlavə və dəyişikliklər barədə hörmətli Nizami müəllim dedi. Bu məsələyə böyük ehtiyac var idi. Şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi məsələsi olduqca aktualdır. Həmin məsələ haqqında da bundan əvvəl söhbət olmuşdu. Bununla biz insanların hüquq və azadlıqlarını qoruyuruq. İstər bizim komissiyada, istərsə də digər komissiyalarda müzakirə olunan bütün bu dəyişikliklər Azərbaycanda insan hüquq və azadlıqlarının tam şəkildə təmin olunması yolunda atılan addımlardır. Mən hörmətli həmkarlarımı zamanın tələbindən irəli gələn bu dəyişikliklərə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Bələdiyyələrin statusu haqqında” Qanuna “Bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi” adlanan 51.1-ci maddə əlavə olunmuşdur. Məqbul sayırıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bizim komissiya da “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklərə baxmışdır. Bu əlavə və dəyişikliklər qəbul edilmiş, qüvvəyə minmiş və tətbiq edilən qanunlara uyğun şəkildə aparıldıqlarına görə geniş müzakirəyə yer qalmamışdır. Ona görə də tövsiyə olunmuşdur ki, Milli Məclisdə müzakirə olunsun və qəbul edilsin. Mən təklif edirəm ki, qanun layihəsinin lehinə səs verək. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, komissiyalarda baxılan qanun layihəsinin müzakirəsinə daha 7 millət vəkili qatılmaq istəyir. Onlar, tabloda görürəm ki, çıxışa yazılıblar. Hesab edirəm, həmin həmkarlarımıza da qulaq asmaq lazımdır. Çıxış üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Elmira xanım Axundova.
E. Axundova. Biz sözümüzü, bəzi iradları demək istəyirik. Nəyə görə bizim səsimizi kəsirsiniz? 8 nəfər heç nə həll edə bilməz. Bu, həll etmək yolu deyil. Mənə elə gəlir, burada bəzi məqamlar var ki, biz öz mövqeyimizi bildirməliyik. Məsələn, mən bu qanun layihəsini təqdirəlayiq sayıram. Əlavələr çox yaxşıdır. Mən onların hamısına qarşı, qanuna qarşı çıxış etmək istəmirəm, bəzi əlavələrə iradlarım var. Məsələn, “konfidensial” sözü qanun layihəsində “məxfi” sözünü əvəzləyir. Nəyə görə? Nəyə görə “məxfi”, ya “gizli” sözləri qanun müəlliflərinin xoşuna gəlmir? Onlar bu sözləri əcnəbi və çətin tələffüz edilən “konfidensial” sözü ilə əvəz ediblər.
“Milli arxiv fondu haqqında” Qanunun 16-cı maddəsinə edilən dəyişikliyə baxaq. Təzə redaksiyada yazılır ki, vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədləri şəxsin vəfatından 30 il, ya da həmin şəxsin doğum tarixindən 110 il sonra açıqlana bilər. Bu məni çox narahat edən bir dəyişiklikdir. Mən başa düşürəm ki, bu dəyişiklik şəxsin həyatının sirlərini və maraqlarını qoruyur. Ancaq burada istisnalar da ola bilər. Böyük yazıçının, ictimai xadimin əlyazmaları, şəxsi gündəlikləri və sair arxivdə saxlanılır və onlarla işləmək hələ 110 il qadağan olunacaq. Bu qayda elmi, bədii, tarixi tədqiqat işlərinə ciddi zərər vurar, gələcək nəsillərimizə tarixi həqiqətlərin çatdırılmasında əngəllər törədə bilər. Bəlkə biz maddəyə əlavə bunu da yazaq ki, “müstəsna hallarda milli arxivdə saxlanılan şəxsi sənədlər ilə tanışlığa müəlliflərin hüquqi varislərinin icazəsi ilə icazə verilə bilər”. Hər halda bu maddəyə konkret istisnalar etmək, məncə, məqsədəuyğun olardı.
Üçüncü ən əsas məqam. Biz bilirik ki, respublikada təzə bir institut - informasiya məsələləri üzrə müvəkkil vəzifəsi təsis edilib. İnanmaq istərdim ki, təyin olunan müvəkkil indiki kütləvi informasiya vasitələrində hökm sürən xaosu, anarxiyanı, hərc-mərcliyi qismən də olsa, aradan qaldıra bilər. Mən informasiya məsələləri üzrə müvəkkilin statusu ilə bir o qədər də tanış deyiləm. Bilmirəm, onu kim təyin edəcək? Yəqin, dövlət başçısının sərəncamı ilə olacaq. Amma mənə bir az müəmmalı görünür ki, nəyə görə “Milli Məclis Sədrinin səlahiyyətləri” adlanan 31-ci maddəyə dəyişiklik edilir? Dəyişikliyə görə Milli Məclisin Sədri qanunvericilikdə nəzərdə tutulmuş hallarda informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilər. Bu nə üçün yazılır? Bu, demokratik normalara nə dərəcədə uyğundur? Mənə elə gəlir ki, informasiya məsələləri üzrə müvəkkil biləndə ki, Milli Məclisin Sədri hər an onun səlahiyyətlərinə xitam verə bilər, o özünü tam sərbəst və müstəqil apara bilməz. Bu maddə onun başının üstünü həmişə Damokl qılıncı kimi kəsdirəcək. İkinci tərəfdən, onun müstəqilliyinə başqa qurumlar tərəfindən şübhə yarana bilər. Biz bilirik ki, Konstitusiya Məhkəməsinin hakimlərinin səlahiyyət müddəti 10, hakimlər 5, ya 10, ombudsman, deyəsən, 5 ildir...
Sədrlik edən. Elmira xanım, mən üzr istəyirəm, bu qanun artıq qəbul olunub, təzədən biz bunu müzakirə etmirik.
E. Axundova. Oraya iki cümlə əlavə edilməsi təklif olunur. Təklif olunan variantda yazılır: “Milli Məclisin Sədri informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilər”. Mən başa düşə bilmirəm ki, nəyə görə informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə kimsə xitam verə bilər? Bu, çox ciddi məsələdir. Biz gələcəkdə beynəlxalq qurumlar tərəfindən hücumlara məruz qalmamaq üçün bu dəyişikliyə həssas yanaşmalıyıq. Bu əlavəni nəzərdə tuturam, siz ona bir də, zəhmət olmasa, baxarsınız. Çox sağ olun.
Sədrlik edən. Hesab edirəm ki, bir az yaxşı danışmadınız. Özünüz Milli Məclisin Sədrindən danışırsınız, sonra deyirsiniz “kimsə”. Milli Məclisin Sədri Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarından birinin rəhbəridir. Sizin danışığınızda bir az düzgün müraciət olmadı. Buyurun, Bahar xanım Muradova.
B. Muradova. Mən yenidən söz aldığıma görə çox üzr istəyirəm. Hesab edirəm ki, komissiyaların müzakirələrinin nəticələri açıqlanandan sonra hər kəsə aydın olmalı idi ki, burada “İnformasiya əldə etmək haqqında” Qanun, onun müddəaları müzakirə olunmur. Biz vaxtilə bu Qanunu müzakirəyə qoyub qəbul etmişik. Qanunun tətbiqi ilə əlaqədar indi digər qanunlarda dəyişikliklər edilir. Ona görə burada onun müzakirəsinin yeri yoxdur, Elmira xanım. Burada, sadəcə, prosedur qaydasını bilmək lazımdır ki, əlavə və dəyişikliklər nə deməkdir. Bir var qanuna, biz reallığı nəzərə alaraq hansısa dəyişikliyi edirik, bu, tamam başqa məsələdir. Bir də var ki, qəbul olunmuş qanunun tətbiqi ilə əlaqədar digər qanunvericilik aktlarına dəyişikliklər edilir. Bu məsələ müzakirə olunmur.
Siz başqa ölkələrin parlament təcrübəsinə də baxın. Belə qanunları heç yerdə müzakirə etmirlər, təqdimatdan sonra səsə qoyurlar. Bu faktlar digər qanunlarda öz əksini tapmalıdır. Mən çox xahiş edirəm, bu məsələni hər kəs bilsin. Belə vaxtda başqa bir məsələni müzakirə etməyə, formalaşdırmağa, daha dərinə getməyə ehtiyac yoxdur. Bu qanuna hansısa təklifiniz varsa, həmin təklifi Siz müvafiq komissiyalara verin ki, dəyişiklik şəklində müzakirə olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 85
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir` 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu qanun layihəsi mövcud qanunlara əlavələr və dəyişikliklərlə bağlıdır. Bizim əvvəl müzakirə etdiyimiz kimi, hər hansı bir qanunun tətbiqindən irəli gələn məsələ deyil. Yeni müddəaların əlavə və dəyişiklik edilməsi haqqındadır. “Ölkədən getmək və ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, o cümlədən bu qanunun tətbiqi haqqında Əsasnaməyə edilən bir əlavəni, istərdim, diqqətinizə çatdırım.
Bilirsiniz ki, müxtəlif zamanlarda parlamentdə və ayrı-ayrı hallarda mətbuatda müzakirə obyektinə çevrilmiş məsələlərdən biri də Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların digər ölkələrin vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsində ortaya çıxan problemlərin qanunvericiliklə tənzimlənməsi məsələsidir. Bu məsələ həmişə gündəmdə olubdur. Bu məsələnin qanunvericilikdən irəli gələrək praktik olaraq müvafiq icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həlli baxımından, hesab edirəm ki, cənab Prezidentin təqdim etdiyi qanun layihəsində çox mühüm əlavələr və dəyişikliklər təklif olunubdur. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın ölkədən getməsi yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürülmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mümkün ola bilər. Beləliklə, iki mühüm hal, yəni məhkəmənin qətnaməsi və şəhadətnamənin təqdim edilməsi ilə Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən götürülə bilər.
Beləliklə, iki əlavə götürülmə anında hansı sənədlərin təqdim olunması məsələsini həll edir. Bu baxımdan Mülki-Prosessual Məcəlləsinə əlavələr və düzəlişlər labüddür. Belə bir əlavə olunur ki, övladlığa götürülmə ilə bağlı ərizə uşağın yaşadığı yer üzrə məhkəməyə təqdim olunmalıdır. Hesab edirəm ki, bu, tamamilə düzgündür və məhkəməyə müraciətin aidiyyətini tamamilə dəqiq həll edir. Eyni zamanda, Mülki-Prosessual Məcəlləsinin 348-ci maddəsinə edilən digər əlavədə üç mühüm məsələ həllini tapmış olur. Bunlar məhkəmə üzərinə qanunvericilik tərəfindən qoyulan öhdəliklərdir. Müəyyənləşdirilir ki, uşaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə tərəfindən, birincisi, uşağın yaxın qohumlarının tələbi ilə onun övladlığa götürülməsinin mümkünlüyünü və övladlığa götürülmənin uşağın mənafeyinə uyğun olmasını sübut edən sənədlər tələb olunmalıdır.
İkincisi, övladlığa götürənin vətəndaşı olduğu dövlətin, yəni əcnəbinin həmin dövlətin səlahiyyətli orqanı tərəfindən verilən müvafiq sənədlər tələb olunmalıdır. Deməli, artıq məhkəmə prosesi baxışında uşağın taleyi ilə bağlı gələcəkdə yaşayacağı dövlətin də səlahiyyətli orqanının mövqeyi aydınlaşdırılmış olur. Bu maddə Azərbaycan Respublikasının vətəndaşı olan uşağın taleyinin, onun övladlığa götürülməsi ilə bağlı məhkəmə tərəfindən artıq ilkin mərhələdə, yəni məhkəmə baxışında çox mühüm halların araşdırılmasına xidmət edir.
Cənab Sədr, digər kiçik düzəlişlər artıq məsələnin mahiyyətinə çox da dərindən təsir etməyən, Mülki-Prosessual Məcəlləni tənzimləyən redaktə xarakterli texniki məsələlərdir. Dediyim əsas məqamlara, əlavələrə bir də diqqət yetirək. Əvvəla, biz birinci qanunda bunun hüquqi əsasını yaradırıq. İkinci, Mülki-Prosessual Məcəllədə məhkəmə tərəfindən bu işin hansı qaydada həll olunması, insan hüquqlarına qiymət verilməsi məsələsini həll etmiş oluruq. Bu, ictimaiyyəti narahat edən çox mühüm bir məsələni, eyni zamanda, həmin sahədə mövcud problemləri digər qanunlar vasitəsi ilə tənzimləyir. Misal üçün, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun var. Bilirik ki, Daxili Nizamnaməyə əsasən insan alverinə qarşı mübarizə üzrə milli kardinator təyin olunub. O da Milli Məclisə illik hesabat verməlidir. Bu sahə ilə bağlı əgər hər hansı bir məsələdə pozuntular baş verirsə, onda bizim digər qəbul olunmuş qanunvericilik bazamız da mövcuddur. Söhbət bu məsələni qanuni surətdə tənzimləməkdən gedir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gündəliyin bu məsələsinə Milli Məclisin 4 komissiyasında baxılıb. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova, buyurun.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu, olduqca vacib bir məsələdir. Ötən dəfə biz xarici vətəndaşlar tərəfindən bir azərbaycanlı uşağın övladlığa götürülməsi məsələsi ilə əlaqədar çox gərgin şəraitdə işlədik. Çoxlu problemlər, narahatlıqlar var idi. Hər birimiz həmin uşağın gələcək taleyi ilə maraqlanır və daxilən əzab keçirirdik. Qanun kifayət qədər mükəmməldir, amma yenə də haradasa içərimizdəki narahatlıq, nigarançılıq bizi tərk etmir.
Mənə elə gəlir ki, bu əlavə və dəyişikliklər həmin nigarançılığa son qoyan bir məqamdır. Yəni qanundakı yeniliklər xarici vətəndaşın, əcnəbinin Azərbaycandan götürdüyü uşağın övladlığa qəbul etməsi prosesini hüquqi cəhətdən əsaslandırır və onun gələcək taleyi məsələsində yəqinlik yaradır. Yəni bu uşağın gələcəkdə xarici ölkələrdə taleyinin necə olacağına da bir aydınlıq gətirir. Mənə elə gəlir ki, bu, müvafiq beynəlxalq konvensiya ilə də səsləşir. Bizim komissiya bu dəyişikliyin vacibliyi qənaətinə gəlibdir. Mən həmkarlarımdan xahiş edərdim ki, qanun layihəsinə səs versinlər. Bununla da içimizdə olan narahatlığa birdəfəlik son qoyacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Minnətdaram, cənab Sədr. Ən çox dəyişiklik Ailə Məcəlləsində aparılır. Ailə Məcəlləsinin bir sıra maddələrinə əlavələr və dəyişikliklər edilir. Bildiyimiz kimi, 2004-cü il martın 11-də biz Milli Məclisdə övladlığa götürmə ilə bağlı olaraq beynəlxalq konvensiyaya qoşulmaq məsələsini müzakirə etdik. Müzakirələr böyük mübahisələrlə keçdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həmin konvensiyanın 5 maddəsinə əlavə və dəyişikliyi var idi. Yəni biz beynəlxalq konvensiyaya olduğu kimi deyil, həmin əlavə və dəyişikliklərlə qoşulduq.
Buradakı dəyişikliklərin əsas mahiyyəti odur ki, beynəlxalq övladlığa götürmədə Azərbaycan vətəndaşı olan uşaqların xaricə göndərilməsində daha çox ciddilik, humanistlik, insanpərvərlik normaları təmin olunsun və bu məsələyə son dərəcə tələbkarlıqla yanaşılsın. Hamımızı düşündürən, narahat edən bəzi məsələlərin olması məlumdur.
Bundan başqa, konvensiyanın 9-cu maddəsinin “s” bəndinə əsasən konvensiyaya qoşulan dövlətlərin xaricə göndərilən uşağın taleyi barədə vaxtaşırı məlumat almaq hüququ var. Konvensiyanın 13-cü maddəsinə görə Haaqada Xüsusi Məlumatlar Bankı yaradılıbdır ki, konvensiyaya qoşulan dövlətin övladlığa götürülmə ilə bağlı məlumatları orada toplanır. Azərbaycanda bu gün belə bir qurum var və həmin məsələlərlə Ədliyyə Nazirliyinin Notariat kontorlarla və VVAQ-la əlaqədar qurumu məşğuldur. Nazirlər Kabinetində xüsusi komissiya var, həmin komissiya bu məsələlərin tənzimlənməsi ilə məşğuldur. Bütün əlaqələndirmə prosesləri Ədliyyə Nazirliyində keçirilir və burada son qərar qəbul edilir. Bu, çox vacib qanundur və hesab edirəm ki, deyilən məsələlərin tənzimlənməsində mühüm rol oynayacaqdır.
Sədrlik edən. Çox sağ olun. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov. Sağ olun, cənab Sədr. Hadi müəllim çıxış etdi və beynəlxalq məsələlərə də toxundu. Bizim komissiya da bu məsələlərə baxmışdır. Rəyimiz müsbətdir və bu məsələdə komissiyamızın hansısa fərqli fikri olmayıbdır. Komissiya üzvləri yekdilliklə buna səs veriblər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Mən də təqdim edilən qanun layihəsindəki əlavə və dəyişikliklərin qəbul edilməsinə tərəfdaram. Ailə Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərə görə 17.3-cü maddənin çıxarılmasını düzgün sayıram. Həmin maddədə nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi üçün bir aylıq müddətin qoyulması bürokratizmə şərait yaradan, nikahın pozulmasına qərar vermiş insanları mənasız yerə get-gələ salan, onları incidən bir hal idi və ləğv olunmalı idi. Doğum haqqında şəhadətnamələrdə valideynlərin qeyd edilməsi üçün onlardan birinin ərizəsinin tələb edilməsi müddəası, təbii, artıq bir müddəa kimi 46.1-ci maddədən çıxarılmalı idi.
Eyni sözləri “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, həm də Mülki-Prosessual Məcəlləyə təklif olunan əlavə və dəyişikliklər barədə də söyləmək olar. Son vaxtlar uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində verilən materiallar insanların narahatlıqlarını daha da artırırdı. Övladlığa götürülmüş uşaqlardan sonradan başqa məsələlər üçün istifadə edilməsi faktlarını və ehtimallarını nəzərə alsaq, qeyd edilən qanunlara əlavə edilmiş bir sıra maddələri normal və məqbul saymaq olar. Qeyd etdiyim neqativ halların aradan qaldırılması üçün belə halları yaradan şəraitə yol verilməməlidir. Odur ki, mən də bu məsələnin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edərdim.
Həmişə yeni qanun qəbul olunanda, ya mövcud qanunlara əlavə və dəyişikliklər ediləndə bizi daha çox onların icra mexanizmi maraqlandırır. Hesab edirəm ki, bir sıra hallarda icra mexanizmi düzgün qurulmadığından qanunlarımız işlək hüquqi sənədə çevrilə bilmirlər.
Bu layihədə Mülki Prosessual-Məcəllənin 350.2-ci maddəsinə əlavə edilir. Həmin əlavə ilə çox düzgün olaraq əcnəbilərin övladlığa götürdükləri uşaqların saxlanması, tərbiyəsi və təhsili ilə bağlı məsələyə nəzarətin möhkəmləndirilməsi, onun məhkəmə qətnaməsinə salınması təsbit olunur. Bu müddəanın qəbul edilməsi zəruri olsa da, onun icra mexanizmi bir sıra suallar doğurur, maddə hüquq normasını versə də, onun icra mexanizmini vermir. Xüsusi ilə övladlığa götürülənlərin saxlanması, tərbiyəsi və təhsili ilə əlaqədar öhdəliyin nəzarət mexanizmi qaranlıq qalır. Şəxsən mənim üçün aydın deyil ki, bu maddənin icra mexanizmi necə qurulacaqdır? Bu baxımdan, əgər mümkündürsə, 350.2-ci maddənin icra mexanizminin hansı normativ hüquqi aktla müəyyənləşdirilməsi və ya aydınlaşdırılması barədə nəticələrə bir qədər aydınlıq gətirilsin.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Əvvəla, bildirmək istərdim ki, mən Bahar xanımın “qəbul edilən qanunları burada müzakirə eləmək bir az gülünc səslənər” fikri ilə tamamilə razıyam. Amma onunla razı deyiləm ki, qəbul edilən qanunlara edilən təzə əlavələrə münasibətimizi bildirməməliyik. Bunu eləməliyik və həmçinin fikrimizi bildiririk.
Mənim Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin XXXIX fəslinə edilən birinci əlavə ilə əlaqədar təklifim var. Mən başa düşürəm ki, bu əlavələr, ümumiyyətlə, əcnəbilər tərəfindən övladlığa götürülən Azərbaycan Respublikası vətəndaşı olan uşağın maraqlarının qorunmasına yönəldilibdir. Övladlığa götürülmə şərtləri bu əlavələr nəticəsində xeyli sərtləşir. Bu, yaxşı haldır. Amma mənə elə gəlir ki, uşaqların qohumlarının siyahısı, yəni məhkəməyə öz razılığı, ya da uşağın öz tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyü haqda sənəd təqdim etməli olan şəxslərin siyahısı çox genişdir. Söhbət 348.5-ci əlavədən gedir.
Düzdür, doğma bacı və qardaşdan, nənə və babadan sənəd almaq lazımdır. Amma valideynlərin bacı və qardaşlarını, onların övladlarını da bu siyahıya daxil etmək nə dərəcədə məqsədəuyğundur? Bizim ailələrimiz, bilirsiniz ki, böyükdürlər. Bəzən onların ucu-bucaqlarını tapmaq mümkün deyil. Biri Moskvada, digərləri Sibirdə işləyir, həmin əcnəbilər, yaxud onların səlahiyyətli nümayəndələri bu qədər adamı haradan tapa bilərlər? Bu zaman adamların axtarılması, onlardan müvafiq sənəd alınması işi xeyli çətinləşə bilər. Həm də indiki vəziyyətdə. Mən bir neçə dəfə eşitmişəm ki, uşaqların yaxın qohumları belə razılıqları hərdən əcnəbilərə, sadəcə olaraq, satırlar. Razılıq siyahısı daha geniş olsa, əcnəbilər belə faktlarla daha gec-gec rastlaşa bilərlər. Bu da respublikamızın imicinə güclü zərbə vuracaqdır. Ona görə hesab edirəm ki, bu siyahı bir az məhdudlaşdırılmalıdır. Razılıq verən adamların siyahısına ancaq övladlığa götürülən uşağın doğma ailəsinin üzvləri düşməlidirlər. Yəni bacı, qardaş, baba və nənə. O ki qaldı əmisi, dayısı, bibisi və xalasının bu siyahıda olub-olmamasını fikirləşmək lazımdır. Amma onların da övladları bu siyahıdan çıxarılmalıdırlar. Çox sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən, sadəcə, bir məsələyə aydınlıq gətirilməsini istərdim. Əgər yadınızdadırsa, bir müddət əvvəl bu məsələ ilə əlaqədar ölkədə yaşanan ən böyük narazılıq ondan ibarət idi ki, bəzi ölkələrə, - konkret adını çəksək, Amerika Birləşmiş Ştatlarına, - aparılan uşaqların bəzilərinin gələcək taleyi ilə bağlı məlumat alına bilmirdi.
Təbii ki, bu sənədin qəbulu, yəni qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi müsbət haldır. Amma Hadi müəllim maraqlı bir faktı dedi ki, beynəlxalq konvensiyaya qoşulan ölkənin həmin uşaqların gələcək taleyi ilə bağlı məlumat almaq hüququ var. Amma Hadi müəllim də bilir ki, hətta inkişaf eləmiş ölkələrin bir çoxu belə bir konvensiyaya qoşulmayıb. Hadi müəllim yaxşı bilir ki, Azərbaycan Respublikasının Prokurorluğu həmin qalmaqalla bağlı bu gün də etdiyi müraciətə hələ də cavab ala bilmir. Bəlkə də məsələni belə qoyaq ki, bu uşaqlar beynəlxalq konvensiyanı ratifikasiya etmiş ölkələrə verilsin? Yəni gələcəkdə biz bu uşaqların taleyi barədə məlumat ala bilək. Hansı ölkələr ki ratifikasiya etmir, biz həmin ölkələrdən heç bir məlumat ala bilməyəcəyik və sabah bu uşaqların taleyi ilə bağlı qaranlıq məsələlər ortaya çıxacaq. Mən xahiş edirəm ki, komissiya sədrləri bu məsələyə münasibət bildirsinlər. Bəlkə məsələni bu şəkildə qoyaq?
Hörmətli Ziyafət müəllim, bayaq mənə vaxt çatmadı, söz ala bilmədim. İki vacib məsələyə münasibət bildirəcəyəm, çünki biz Ramazan bayramından sonra toplaşacağıq. Bu məsələləri çox vacib sayıram. Ən azı ona görə ki, birincisi, mən burada Azərbaycan jurnalistikasının təmsilçisiyəm. Bu mənada, yəqin ki, məni də eşitmək pis olmazdı. Bəziləri jurnalistikanı müdafiə, digərləri tənqid etdilər. Amma söhbət ondan gedir ki, bu gün ciddi problemlərimiz var, onlar mütləq müzakirə olunmalıdır.
Ən maraqlısı odur ki, ölkədə hər şey qaydasında getdiyi, ölkədə inkişaf olduğu, ölkənin beynəlxalq təşkilatlarda nüfuzu artdığı zaman, nədənsə, kütləvi informasiya vasitələri ilə bağlı problemlər ciddiləşir, ortaya çıxır. Bəzi məmurlarla kütləvi informasiya vasitələrinin problemləri beynəlxalq təşkilatların sənədlərində öz əksini tapır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni çıxardığımız beynəlxalq təşkilatlara sabah kütləvi informasiya vasitələri ilə bağlı problemlər çıxarıla bilər. Mən çox xahiş edirəm, Bahar xanım, Ziyafət müəllim, parlamentin rəsmi nümayəndələrinin iştirakı ilə, İnsan hüquqları daimi komissiyasında kütləvi informasiya vasitələrinin rəhbərlərini toplayaq və birlikdə bu məsələləri müzakirə edək. Onlar bir müraciət, biz də başqa bir müraciət göndəririk. Azərbaycan ölkəsinin, xalqının ümumi dərdidir, biz bu problemləri jurnalistlərimizlə birlikdə müzakirə edə bilərik. Bəlkə problemlərdən çıxış yolu onların aradan qaldırılması barədə parlament öz töhfəsini verə bilər.
İkinci ən vacib məsələ. Fransa parlamentinin çıxardığı qərarla bağlı Azərbaycan parlamentinin çox yüksək səviyyədə bəyanatı, müraciəti oldu. Fransadan əvvəl İsveçrə parlamenti belə bir qərar qəbul etmişdi, Hollandiya, Belçika parlamentlərində də bu istiqamətdə iş gedir. Erməni diasporu, Ermənistan dövləti qondarma erməni soyqırımının dünyada tanıdılması, hətta onu inkar edənlərin cəzalandırılması ilə bağlı işlər aparır. Siz bilirsiniz ki, bu gün Türkiyə parlamentində müxtəlif fikirlər var, hətta Əlcəzairdə Fransanın törətdiklərini müzakirə etmək istəyirlər. Ortada maraqlı bir fakt var, baş verən hadisələrlə bağlı ölkənin özü müraciət etməsə, müsbət nəticə gözləmək olmaz. Odur ki, bu soyqırımını müzakirə eləyib tanıtmaq istəyəndə problemlər çıxır.
Biz nəyə görə Xocalı soyqırımının tanınması ilə bağlı Türkiyə parlamentinə müraciət etmirik? Bu gün Türkiyə parlamentində fikirlər müxtəlifdir, Türkiyə parlamentində də bu ab-hava yüksəkdir ki, bunun tanınması ilə bağlı addımlar atmaq olar. Digər ölkələr var ki, Azərbaycanla yaxşı münasibətdədir və biz məsələni bu ölkələrin parlamentlərinin müzakirəsinə çıxara bilərik. Bizə nə mane olur? Biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşürük, danışırıq, beynəlxalq təşkilatlarda təmsil olunuruq, orada “Xocalı soyqırımı” deyirik, amma özümüz bunu başqa ölkələrin parlamentlərinə çıxarmağa cəhd eləmirik.
Mən hesab edirəm, dünyada bu şərait yetişib və ermənilərin qondarma soyqırımından fərqli olaraq Xocalı soyqırımının görüntüləri var. Beynəlxalq hüquqla bunu sübuta yetirmək imkanlarından istifadə etmək lazımdır. Mən xahiş edirəm ki, biz bu məsələ ilə bağlı gecikdirmədən Türkiyə parlamenti ilə işlərə başlamalıyıq. İlk öncə Türkiyə parlamenti qarşısında bu məsələni qaldıraq. İnanıram ki, bu gün qardaş ölkənin böyük dəstəyi var. Hansı parlamentlər ki bizə yaxındır, onlardan başlayaq.
Sədrlik edən. Qənirə xanım, əvvəla, mən Sizin nəzərinizə çatdırım, Xocalı soyqırımının tanınması ilə əlaqədar Türkiyə parlamentinə müraciət etmişdik. Türkiyə parlamentində həmin məsələ müzakirə edildi, çox təəssüf ki, biz istəyən qərar qəbul olunmadı. Hadi müəllim, buyurun, Qənirə xanımın verdiyi təkliflərə münasibətinizi bildirin.
H. Rəcəbli. Ziyafət müəllim, həqiqətən, bu, ən ağrılı mövzulardan biridir, həm Rusiya, həm də digər ölkələrin mətbuatında bu mövzuda çoxlu söhbətlər gedir. Mən istəyirəm, birmənalı deyim ki, bu söhbətlərin böyük əksəriyyəti populist çıxışlara çevrilir, uydurulmuş məsələlər olur. Konkret hadisələr yox, cəmiyyəti daha çox maraqlandıran məsələlər ortaya çıxır. Bir maraqlı fakt deyim. Mən səhər iclasa girəndə bir daha dəqiqləşdirdim ki, son ildə Azərbaycandan bir nəfər də olsun xaricə övladlığa verilməyibdir. Amma mətbuatda yazırlar ki, xaricilərə uşaqlar verildi, nə oldu.
Söhbət nədən gedir? 2004-cü ilin martında konvensiyaya qoşulan kimi həmin qurum Ədliyyə Nazirliyinə tapşırıldı. Ədliyyə Nazirliyi bu konvensiyaya qoşulan dövlətlərlə övladlığa götürmə üzrə əməkdaşlığı həyata keçirə bilər. Bu, birmənalıdır, yəni konvensiya ilə bağlı qarşıya qoyulubdur.
Qanuna olan dəyişikliklər həmin məsələləri bir az da möhkəmləndirir, qanuna salır. Mən bayaq sadaladım. Konvensiyanın xüsusi maddələri var ki, onlar məhz bu uşaqların taleyi ilə bu və ya digər formada maraqlanmağa imkan verir. O ki qaldı əvvəllər övladlığa verilən uşaqlara, həmin uşaqlar barədə videokaset, audio materiallar, jurnallar, kitablar və bu kimi xeyli materiallar var idi. Prokurorluğun apardığı iş isə bizim qanunlarda olan, bizim mentalitetlə əlaqədar əmələ gələn hüquqi boşluq idi. Həmin məsələ cəmiyyətdə birmənalı qarşılanmadı. Bir sözlə, bu düzəlişlər elə sosial sazişdir, cəmiyyətdə olan narahatlığa cavabdır və konvensiyaya qoşulmaq da bunun beynəlxalq hüquqi normalarını tənzimləyir.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunla bağlı mənim xüsusi xatirələrim var. Mən 6 il ərzində müraciət eləməyimə baxmayaraq, pasport almamışdım və buna hansısa izahat da verilmirdi. Ona görə də təkcə övladlığa götürülən Azərbaycan Respublikası vətəndaşları və bununla bağlı məsələlərin tənzimlənməsi sahəsində qanuna dəyişikliklərin edilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir.
Hesab edirəm ki, bu, eyni ilə Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə də aid edilməlidir. Biabırçı haldır ki, iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycanın ən iri partiyalarından birinin başçısı olmuş Əli Kərimliyə pasport verilmir. Bu onunla əlaqədardır ki, “Ölkəyə gəlib-getmək və pasportların verilməsi haqqında” Əsasnamə qəbul olunur, qaydalar həmin Əsasnamə ilə tənzimlənir. Bu Əsasnaməyə istinad edilərək vətəndaşların hüquqları məhdudlaşdırılır. Ona görə fürsətdən istifadə edərək bu məsələni diqqətinizə çatdırmaq istəyirəm. Əli Kərimli ilə bağlı məsələnin nizama salınması üçün hazırda orqanlar qarşısında məsələ qaldırmağı lazım bildim. Axırıncı, mən də “Azadlıq” qəzetinin bağlanması ilə əlaqədar məsələyə münasibət bildirmək istəyirəm.
Sədrlik edən. Bilirsiniz, Sizə imkan verdik, bu o demək deyil ki, çıxışınızı “Azadlıq” qəzetinə həsr edəcəksiniz. Kifayət qədər imkan yaradıldı, fikrinizi dediniz. Hər deputat belə başlasa, bizim vaxtımız çatmaz. Xahiş edirəm, qanun layihəsindən danışın.
P. Hüseyn. Təşəkkür edirəm. Amma həmin binanı indiki iqtidar “Azadlıq” qəzetinə vermir.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirə ilə bağlı səslənən suallara cavab vermək istəyirəm. İltizam müəllim, Sizə təşəkkür edirəm ki, Mülki-Prosessual Məcəllənin 350.2-ci maddəsinə edilən əlavənin əhəmiyyətini qeyd etdiniz. Sonradan uşaqların taleyinin nəzarətdə olması baxımından bu, həqiqətən, əhəmiyyətli əlavədir. Amma aydın olmadı, nə üçün əvvəlki prosessual qanunvericilikdəki maddələri tənqid edirsiniz? 350-ci maddə elə əvvəlki fikirlərin davamıdır.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda iki məsələni müəyyənləşdirdik. Uşağı apararkən iki mühüm sənəd – məhkəmənin qərarı və şəhadətnamə təqdim olunmalıdır. Mülki-Prosessual Məcəlləyə etdiyimiz əlavə, qeyd etdiyim kimi, məhkəmənin üzərinə məhkəmə baxışı zamanı qoyulan öhdəliklərdən bəhs edir. Hadi müəllim tamamilə dəqiq qeyd etdi ki, burada müvafiq icra hakimiyyəti orqanı artıq müəyyənləşdirilib. Bu səlahiyyət Azərbaycan hökuməti tərəfindən Ədliyyə Nazirliyinə həvalə olunubdur. 350-ci maddə məhkəmənin üzərinə belə bir öhdəlik qoyur ki, mütəmadi olaraq dövlətin səlahiyyətli orqanına məlumat verilsin. Bu məsələ məhkəmənin qətnaməsində göstərilməlidir. Məhkəmənin qətnaməsi isə, bilirik ki, icra olunmalıdır. Çox yaxşı ki, icranı həyata keçirən Ədliyyə Nazirliyidir. Bu, həm də konvensiyadan irəli gəlir, həmin nazirlik öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müvafiq səlahiyyətli orqandır. Beləliklə, bütün orqanlar və onların vəzifələri burada müəyyənləşdirilib. Yenə deyirəm, həqiqətən, bu cür hallar bəzən insan alveri ilə bağlı olur. Onu da qeyd etdim ki, bizim qanunvericiliyimiz mükəmməldir və müvafiq orqanlar artıq fəaliyyət göstərirlər.
Elmira xanım 348.5-ci maddə ilə bağlı bir neçə sual ünvanladı. Birinci, siyahı ilə bağlı deyə bilərəm ki, həmin siyahını qanunvericilik təşəbbüsünün subyekti müəyyənləşdirir. Hansı yaxın qohumlar tərəfindən övladlığa götürülmənin qeyri-mümkünlüyünü təsdiq edən sənədlərin məhkəmə tərəfindən tələb olunması, onların siyahısının bu qədər genişləndirilməsi, əslində, müsbət haldır. Niyə? Bizim dövlətin məhkəmə hakimiyyət orqanını təmsil edən hakimin bu sahədə məqsədi ötəri olmamalıdır. O çalışmamalıdır ki, uşaq əcnəbiyə elə-belə, adi qaydada verilsin. O, ilk növbədə çalışmalıdır ki, bütün halları araşdırsın, bütün yaxın qohumların fikirlərini öyrənsin, mümkündürsə, uşaq Azərbaycanda, qohumlarının himayəsində qalsın. Beləliklə, siyahının genişliyi, ilk növbədə, uşağın mənafeyinə xidmət edir.
İkinci sual verildi ki, əcnəbilər bu qədər qohumları haradan tapa bilərlər? Bunun həlli əcnəbilərin öhdəsinə qoyulmayıb. Bu öhdəlik məhkəmələrin üzərinə qoyulubdur. Sadalanan şəxslərdən rəyi məhkəmə öyrənməli, onlardan sənəd tələb etməlidir. Bu sənəd onların razılıq sənədi deyil. Heç kim onlardan razılıq soruşmur. Bu sənədlə həmin şəxslər bildirirlər ki, onlar uşağı övladlığa götürə bilmirlər. Uşağın, misal üçün, bibidə saxlanmasının qeyri-mümkünlüyünü müəyyənləşdirən bir sənəd təqdim olunur. Bu baxımdan nə cür mümkün ola bilər ki, sənədi verməkdən ötrü rüşvət tələb edilsin? Sadəcə, onlardan soruşulur və qeyri-mümkündürsə, onda bir daha müəyyənləşdirilir ki, uşağı əcnəbiyə verməkdən başqa çıxış yolu qalmır. Bu baxımdan, hesab edirəm ki, 348-ci maddə məhkəmə prosesində həmin məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasından ötrü bütün öhdəlikləri məhkəmənin üzərinə qoymuş olur. Elə bilirəm ki, bu da heç bir sual doğurmur. Çox sağ olun.
Sədrlik edən. Qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Hörmətli deputat həmkarlarım, bu qanun layihəsi ilə əlaqədar mən məlumat vermək istəyirəm. Bu bizim və Ziyad müəllimin komissiyasında müzakirə olunubdur.
Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müntəzəm olaraq hərbi qulluqçuların statusu, onların sosial-iqtisadi problemləri ilə bağlı sərəncamlar verir. Hesab edirəm ki, bu qanuna edilən əlavə və dəyişikliklər də həmin qəbildəndir, yəni hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən məsələdir. Söhbət ondan gedir ki, burada dövlət icbari şəxsi sığortası təkcə hərbi əməliyyatlar zamanı deyil, eyni zamanda, onlardan kənarda da hərbi qulluqçulara şamil edilir. Yəni bu məsələlərin dairəsi genişləndirilir. Hesab edirəm ki, bu, humanist bir qərardır və məsələni alqışlamaq lazımdır. Sizin bu qanun layihəsinə səs verməyinizi xahiş edirəm.
Ziyad müəllim, bu məsələ Sizin komissiyada da müzakirə olunub. Əgər çıxış etmək istəyirsinizsə, buyurun. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, Siz məsələ barədə çox ətraflı danışdınız. Komissiyada müzakirə zamanı redaktə xarakterli bir neçə məsələ üzə çıxdı. Biz onları icra strukturları ilə həll edərik. Mən də təklif edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirilsin.
Sədrlik edən. Çıxış eləmək istəyənlər var. Tahir Rzayev, buyurun.
T. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli həmkarlarım! Ölkə başçısı tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisə daxil olmuş qanun layihəsi hərbiçilərə dair qanunvericiliyin təkmilləşdirilməsi baxımından təqdirəlayiqdir. Qanuna ediləcək bu dəyişikliyi hərbi qulluqçulara diqqətin əyani təzahürü hesab etmək olar. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımın da ona səs verməsini xahiş edirəm.
Bununla yanaşı, layihə ilə bağlı bəzi fikirlərimi bildirmək istərdim. Qanun layihəsinin 4-cü maddəsinin birinci hissəsinin qüvvədə olan redaksiyası çox uğurlu yazılmışdır. 5-ci maddədə və sonrakı maddələrdə ”travma” sözünün Azərbaycan dilində olan sözlə əvəzlənməsi, məncə, mümkündür. Gəlin, 5-ci maddənin redaksiyasına fikir verək: “Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:
a) sığorta edilən xidmətdə (toplanışda) olduğu zaman ağır yaralandıqda və ya səhhəti pozulduğuna görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edildikdə 25 faiz”. Çox da mürəkkəb olmayan sadə bir cümlədə nə baş verir? ”Yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində” sözləri “xəsarət alması” ilə əvəz edilsə, daha yaxşı olar. “Pozulduğuna” sözündən sonra “xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri əlavə edilsin. Ola bilsin ki, burada səhv gedib. “Xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri “pozulduğuna” sözündən sonra deyil, “pozulduğuna görə” sözlərindən sonra əlavə edilməlidir. “Xidməti vəzifəsini yerinə yetirməyə” sözlərinin “hərbi xidmətə” sözləri ilə əvəz edilməsi daha məqsədəuyğundur. Bu bəndi sadələşdirərək aşağıdakı redaksiyada vermək olmazmı? “Ağır xəsarət (yaralanma, kontuziya, travma) alması nəticəsində, yaxud səhhəti pozulduğuna görə (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) hərbi xidmətə yararsız hesab edildikdə 25 faiz”.
Hörmətli Ziyafət müəllim, layihə ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasına nəzər yetirərkən aşağıdakı məsələləri diqqətinizə çatdırmaq istərdim. Ola bilər ki, layihə hazırlanarkən bir sıra başqa dəyişikliklər etmək nəzərdən qaçmışdır. Hesab edirəm ki, 7-ci maddənin birinci hissəsinin “a” bəndinin dördüncü abzasında “yaralanması (kontuziyası)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsə, daha yaxşı olar. Bunu “b” bəndinə də aid etmək olar. Daha sonra bu maddənin “c” bəndində də “xidməti vəzifəsini yerinə yetirməyə” sözləri “hərbi xidmətə” sözləri ilə əvəz edilsə, yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Tahir müəllim, təşəkkür edirəm. Amma bir məsələni yenə deməyə məcburam. Mən, axı, çıxışımın əvvəlində də qeyd elədim ki, söhbət dövlət icbari şəxsi sığortanın tətbiq olunduğu halların genişləndirilməsindən gedir.
Bax, Siz indi 5-ci və 7-ci maddələri misal gətirdiniz. Burada bütün bəndlərin mahiyyəti ondan ibarətdir ki, biz bu sığortanın tətbiq dairəsini genişləndiririk. Bu da hərbi qulluqçuların vəziyyətini yaxşılaşdırmağa, humanistləşdirməyə yönəlib. Ona görə, hesab edirəm, burada əlavə bir şərhə ehtiyac yoxdur. Başqa çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım! “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişiklikləri və əlavələri zəruri hesab edirəm. Bunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ağır və yüngül xəsarətlərin təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 66 saylı Qərarı ilə edilən əlavə və dəyişikliklərlə bir uyğunluq yaradır. Mən həmkarlarımın diqqətini 5-ci maddənin “b” bəndinə cəlb etmək istəyirəm.
Burada sığorta edilən hərbi qulluqçulara xidmətdən buraxılandan 3 il sonra sığorta məbləğinin verilməsinin iki alternativ səbəbi qeyd olunur: onun hərbi xidmətdə xəsarət alması və xəstələnməsi. Lakin bu düzəliş elə yazılıb ki, burada 3 il müddətində “xəsarət alma” onun ölümünün yeganə alternativ səbəbi kimi götürülür. Bu, “b” bəndində “xəsarət alması” və ya “xəstələnməsi” kimi göstərilməlidir. Əks təqdirdə bu, alternativ səbəb kimi göstərilmir. Əgər bu formada qəbul edilərsə, 5-ci maddənin “b” bəndi həmin maddənin “d” bəndi ilə ziddiyyət təşkil edəcək, çünki “d” bəndində daha ağır xəsarətdən söhbət gedir. Amma “b” bəndində isə qanunun əsas məqsədi odur ki, şəxsin hərbi xidmətdən buraxılandan sonra son 3 il ərzində ölməsinin iki alternativ səbəbi yalnız “xəsarət alması” kimi göstərilir.
Sonra, mən bir daha həmkarlarımın diqqətini “d” bəndinin axırıncı hissəsinə cəlb eləmək istəyirəm. Burada bir “sıradankənar hərbi xidmət” anlayışı var. Bu, rus dilindən qrammatik tərcümədir. Rus dilində “ВнеÑÑ‚Ð¾Ñ€ÐµÐ²Ð°Ñ Ð²Ð¾ÐµÐ½Ð½Ð°Ñ Ñлужба” istənilən mənanı lazımınca ifadə eləyir. Azərbaycan dilində isə bu, “sıradankənar” bəlkə də qanunla məşğul olmayan şəxslər arasında bir anlaşılmazlıq yaradacaq. Dilçilər bunu başqa sözlə əvəz eləsələr, daha yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən yoxdursa, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədədir. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində 22-ci maddənin ikinci hissəsinin qüvvədə olan redaksiyasına bir cümlə əlavə edilməsi nəzərdə tutulubdur. Bu qanun layihəsi Milli Məclisə möhtərəm Prezidentimizin təşəbbüsü ilə daxil olubdur. Biz komissiyada buna baxmışıq.
İlkin olaraq komissiyanın rəyini hörmətli həmkarlarıma çatdırmaq istəyirəm. Tamamilə doğru və yerində olan bir məsələdir. Torpaq Məcəlləsinin 22-ci maddəsi nədən bəhs eləyir? Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlarda əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və sair) hüquqi rejimli mühafizə zonaları yaradılır. Maddəyə belə bir cümlə əlavə olunur: “Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
“Rabitə haqqında” Qanun qüvvədən düşmüş hesab olunduğuna görə Torpaq Məcəlləsinə əlavə olunan cümlə telekommunikasiya fəaliyyətinə şərait yaradır. Tamamilə qanunauyğundur və komissiya bunu düzgün sayır. Xahiş edirəm, hörmətli həmkarlarım bu qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi digər komissiyalarda da müzakirə olunubdur. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bizim komissiyada kiçik bir düzəliş müzakirə olunub. İnzibati Xətalar Məcəlləsinin 175-ci maddəsinin adından “və ya rabitə xidmətlərinin işə buraxılması” dispozisiyasından “yaxud rabitə xidmətlərinin işə buraxılmasına” sözləri çıxarılır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Eldar müəllim və Əli müəllim fikirlərini dedilər. “Rabitə haqqında” Qanunun qüvvədən düşməsi ilə əlaqədar “Kommersiya sirri haqqında”, “Televiziya və radio yayımı haqqında”, eləcə də “Telekommunikasiya haqqında” qanunlarda redaktə xarakterli texniki dəyişikliklər nəzərdə tutulub. Komissiyada bunlara baxılıbdır. Biz bu qanun layihəsinin qəbul edilməsini Milli Məclisdən xahiş edirik.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyənlər varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Rabitə və informasiya texnologiyalarının ölkənin inkişafında, əhalinin intellektinin yüksəlməsində, həmçinin dünya ölkələrinə inteqrasiyada daha böyük biliyə və informasiyaya malik olmasında çox böyük əhəmiyyəti var. Möhtərəm Prezident cənab İlham Əliyev 3 oktyabrda Bakıda keçirilən 13-cü “Beynəlxalq Bakıtel-2006-cı il texnologiyaları” adlı konfransda çıxış edərək informasiya texnologiyaları üzrə aparılan siyasətin düzgünlüyünü qeyd etmiş, bölgə üzrə Azərbaycanın bu sahədə lider ölkəyə çevrilməsini qarşıya məqsəd qoymuşdur.
Ölkəmizdə neft və enerji sektorundan sonra informasiya, telekommunikasiya texnologiyaları daha çox inkişaf etmişdir. Bunlar qeyri-neft sektorudur. Dünyada rabitə sistemi peyk antenaları və fibroötürücü xətlər vasitəsi ilə həyata keçirilir. Fibroötürücü xətlər vasitəsi ilə yaradılan rabitə daha etibarlı və dayanıqlıdır. Bu, həmçinin dövlətçilikdə terrorizmlə mübarizə baxımından da əlverişlidir. Respublikamız əlverişli bir coğrafi məkanda yerləşdiyinə görə bu sahənin inkişafı üçün yaxşı perspektivlər vardır. Hazırda Azərbaycan üzərindən bir neçə istiqamətdə fibroötürücü xətt aparılır. Eyni zamanda, bu xətlərin sayını artırmaq imkanları da vardır. Ona görə də informasiya, telekommunikasiyaya dair qəbul olunan qanunlar daha mükəmməl öyrənilməli və bu sahənin inkişafına şərait yaradılmalıdır.
Qonşu ölkələrin birində operatorların, provayderlərin sərbəst buraxılması və qanunda olan boşluqların yaratdığı məsuliyyətin hansı fəsadları törətməsi çoxlarınıza məlumdur. Rabitə və informasiya texnologiyalarının tətbiqi, qurğuların və kabel xətlərinin qorunması və mühafizəsi dövlət əhəmiyyətli bir vəzifədir. Təəssüf ki, bəzi hallarda qoyulmuş normalara əməl olunmadan kabel xətləri aparılır və sair. Bütün problemləri aradan qaldırmaqdan ötrü torpaq və tikililər üçün sərəncam verən icra orqanları rabitə məsələləri ilə bağlı layihələr ortaya çıxanda bu məsələlərə ciddi fikir verməlidirlər. Rabitə kabellərinin üstü açıldıqda, onlardan istifadə edildikdə cərimə tətbiq olunmaqla yanaşı, kabel xətlərinin üzərində tikililəri də sökdürmək lazımdır. Bu normaları pozanlara qarşı qanunla dövlət tədbirləri tətbiq etməyi də nəzərdə tutmaq daha effektli səmərə verər. Biz Aqrar siyasət daimi komissiyasında da bu məsələləri müzakirə etmişik. Qanunda edilən dəyişikliklərin lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən məsələ komissiyada müzakirə olunanda bu sualı qaldırdım. 39-cu maddənin “operatorlar, provayder lə rin qanunla müəyyən edilmiş qaydada” sözlərindən sonra “əməliyyat-axtarış” sözlərini əlavə eləyiblər. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitə lərlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxla mağa borcludur. Operatorlar işçilərdir. Sabah bu operatora müvafiq icra hakimiyyəti orqanı deyə bilər ki, mən filankə sin telefonuna qulaq asmaq istəyirəm. Bir sıra məsələlər yalnız məhkəmənin əli ilə həyata keçirilə bilər. Bu zaman yazılanlar gizli saxlanılmalıdır. Odur ki, “əməliyyat-axtarış” sözlərinin buraya əlavə edilməsi, həmin səlahiyyətin müva fiq icra hakimiyyəti orqanına verilməsi nə dərəcədə düz gündür?
Sədrlik edən. Əli müəllim, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual mənə də aydın olmadı. Səsə qoyaq, sonra aydınlaşdırarsınız. Xahiş edirəm, münasibətinizi bil dirin.
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. İclasımıza davam edirik. Gündəliyin 7-ci məsələsi. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə məsələyə 4 komissiyada baxılıb. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi ilə əlaqədar bizim komissiyada 4 qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub. “Azərbaycan Respublikasının silahlı qüvvələri haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında” qanunlara, “Azərbaycan Respublikasının hərbi xidmət keçmə haqqında” Əsasnaməsinə əlavələr və dəyişikliklər edilir. Bu əlavələrin və dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Bilirsiniz ki, biz “Dövlət sirri haqqında” Qanun qəbul etmişik. Qanunun 1-ci maddəsində “dövlət sirri” anlayışı verilib. Həmin anlayışa müvafiq olaraq burada hər bir qanuna edilən əlavə və dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “hərbi sirr” sözləri “dövlət sirri” sözləri ilə əvəz olunsun, çünki “hərbi sirr”in özü də dövlət sirrinə daxildir. “Dövlət sirri” anlayışı geniş məfhumdur, 4 qanunun hər birində söhbət dövlət sirrindən gedir. Mahiyyət bundan ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Artıq Ziyafət müəllimin qeyd etdiyi kimi, “Dövlət sirri haqqında” Qanunun tətbiqi ilə əlaqədar digər qanunlara faktik olaraq həmin qanunun müddəalarını köçürürük. Beləliklə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 1-ci maddəsinə edilən əlavə dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin müvəqqəti olaraq xarici ölkələrə daimi yaşamağa getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tənzimləyir. Bu müddəa “Dövlət sirri haqqında” Qanunda var. Təbii ki, xaricə gedib-gəlməklə bağlı olduğuna görə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda da öz əksini tapmalı, daha dəqiq desəm, oraya köçürülməlidir.
Eyni zamanda, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun tətbiqi ilə bağlı Əsasnaməyə də eyni məzmunlu müddəa köçürülür. Nəhayət, “Əməliyyat-axtarış haqqında” Qanunda da “dövlət sirri” anlayışı daha geniş olduğuna görə o, “hərbi sirr” sözlərindən sonra verilir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layıhəsi bizim komissiyamızda da müzakirə olunubdur. Hörmətli həmkarlarımın dediklərinə əlavə deyiləsi sözümüz yoxdur. Biz bu dəyişikliyi düzgün hesab edirik və komissiya üzvlərimiz buna səs veriblər.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Cənab Sədr, mənim bir sualım var, əgər mümkündürsə, ya Ziyafət müəllim, ya da Əli müəllim buna aydınlıq gətirərdi. Bu, 4-cü maddədə mətnə təklif olunan bir əlavə ilə bağlıdır. Burada yazılıb: “Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatların məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə xarici ölkəyə daim yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər”. Mən soruşmaq istəyirəm ki, nəyə görə 5 il? Yəni elə məlumatlar var ki, onların 5 ildən sonra da məxfilik müddəti bitməyə bilər. Biz qabaqcadan bilmirik ki, 5 ildən sonra həmin dövlət sirri hesab edilən məlumatlar öz aktuallığını itirə, yaxud itirməyə bilər. Bəlkə buraya başqa bir maddə əlavə edilsin ki, müvafiq icra hakimiyyəti tərəfindən 5 ildən sonra həmin məlumatlar dövlət sirri sayılarsa, onun məxfilik müddəti bitməyə bilər. Onlar müəyyənləşdirə bilərlər ki, əgər 5 ildən sonra məxfilik müddəti bitməyibsə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 5 il konkret rəqəmdir və heç kəs bilmir ki, hər hansı dövlət sirrinin məxfiliyi 5 ildən sonra tam açıqlana bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həmin qanunlarda “unifikasiya cəhdi” və “dövlət sirri” anlamının bütün qanunlarda tətbiq olunması başa düşüləndir, məncə, bu, qəbul edilməlidir. Mənim kiçik bir sualım, qeydim var. Hərbi anda aid burada bir cümlə var: “Təntənəli surətdə and içirəm. Səmimi, cəsur, intizamlı olacağam, hərbi sirri verməyəcək, sözsüz tabe olacağam” və sair. Köhnə variantda “hərbi sirri verməyəcəyəm”, təklif olunan variantda isə “dövlət sirrini yaymayacağam” yazılıb. Məncə, “yaymaq” feli şayiəyə, dedi-qoduya aiddir. Sirri yaymazlar, məncə, verərlər, alarlar, satarlar və sair. “Yaymaq” sözünü “almaq”, “vermək” sözləri ilə əvəz etmək və əski variantda bu feli saxlamaq yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, mən bu hərbi andın mətni ilə bağlı fikrimi demək istəyirəm. Hərbi andın mətni çoxdan yazılıb. Məncə, bu mətn tamamilə yenidən işlənməlidir. Orada qeyd olunur ki, hər bir hərbi qulluqçu özündən yuxarı vəzifəli şəxsin əmrlərini sözsüz yerinə yetirməlidir. Bəzi hallarda belə əmrlər açıqdan-açığa ölkə Konstitusiyasına və qanunlarına zidd ola bilər. Buna görə də biz orada qeyd etməliyik ki, “ölkə Konstitusiyasına, Azərbaycanın müvafiq qanunlarına və nizamnamələrə zidd olmayan əmr və göstərişləri sözsüz yerinə yetirməlidir”. Yəni açıqdan açığa hərbi komissar, rəis əmr verir ki, əsgər, başqa əsgəri təhqir elə. Sovet ordusunun hərbi hissələrində də belə olub. Bəzən indi də belə hallara rast gəlmək olur ki, əsgərləri nizamnaməyə uyğun gəlməyən başqa işlərin icrasına sövq edirlər. Hətta oraya qədər gedib çıxa bilər ki, əsgərlər dövlət əleyhinə iddia qaldıra bilərlər. Belə olduğu halda, məncə, bu mətn tamamilə yenidən işlənməli və dediyim düzəlişlər nəzərə alınmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, suallarınıza görə təşəkkür edirəm. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, burada hərbi andın mətnini müzakirə etmirik, ondakı bir ifadəni dəyişdiririk. “Hərbi sirr” sözləri “dövlət sirri” sözləri ilə əvəz olunur.
Burada deyildi ki, “yayılmaq” deyil, “veriləcək” olmalıdır. Məsələ bundadır ki, “dövlət sirri verilə də, yayıla da bilər. Kim isə, yəni dövlət sirrinin daşıyıcısı olan hər bir şəxs qəzetdə, mətbuatda, kütləvi informasiya vasitələrində bilərəkdən və ya bilməyərəkdən hər hansı bir məlumatı yayır. Amma bir də bu məlumatı daşıyan insan məlumatı verir, ya ötürür. Ona görə də burada “yayılmaması” anlayışı daha geniş məna daşıyır. Burada dövlət sirrinin yayılmamasından söhbət gedir və mən istəyirəm, bunu hörmətli həmkarlarım da bilsinlər.
Qənirə xanım çox maraqlı bir sual verdi, mən ona da cavab verirəm. Biz “Dövlət sirri haqqında” Qanunu artıq qəbul etmişik. Qənirə xanım, məsələ bundadır ki, “dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən artıq olmamaq şərti ilə” və sair artıq “Dövlət sirri haqqında” Qanunda da var. Amma “Dövlət sirri haqqında” Qanunda başqa bir məsələ də var. “Dövlət sirri haqqında” Qanunda məxfiliyin 3 dərəcəsi verilir: xüsusi məxfi, tam məxfi, məxfi. Konkret halda söhbət məxfi məlumatlara malik olan şəxslərdən gedir. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.11 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 87
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsi. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən göndərilmiş qanunla təsdiq edilmiş “Vətənə xidmətə görə” ordeninin və “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təsvirində stilistik düzəlişlər edilir. Bu barədə geniş izahata ehtiyac yoxdur. Biz bunları, yəni bir ordenin və bir medalın təsvirini 2002-ci ildə qanunla təsdiq etmişik. İndi həmin təsvirdəki müəyyən rəqəmlərdə və təsvirin məzmununda dəqiqləşdirmələr aparılır. Hesab edirəm ki, bu, qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
9-cu məsələ. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cinayət Məcəlləsinə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən iki əlavənin edilməsi təklif olunur. Birinci əlavə “Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili” adlı 233.2-ci maddəyə edilir. Biz iclasın birinci hissəsində sertifikatlaşdırılmamış rabitə vasitələrinin istifadə edilməsinə görə inzibati cəzanı müəyyənləşdirdik. Bu isə sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkilinə görə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinə edilən bu əlavəyə uyğun olaraq sanksiya nəzərdə tutulur. Burada cərimədən tutmuş 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyən edilir. Təbii ki, cinayətin ağırlıq dərəcəsinə uyğun bir sanksiyadır.
Digər əlavə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması” adlanan 302.1-ci maddəyə edilir. Tamamilə düzgün olaraq belə bir maddə Cinayət Məcəlləsinə əlavə olunur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərindən irəli gələn bu müddəaya uyğun olaraq qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. Burada çox da ağır olmayan sanksiya ilə cərimə tətbiq etməkdən başlayaraq, 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hər iki əlavə, hesab edirəm ki, tamamilə yerindədir. Birinci “Rabitə haqqında” Qanunun, ikinci isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərdir. Səsə qoyub qəbul etmək olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması” adlanan 302.1-ci maddəyə edilən əlavə istəyirəm, qəbul olunsun. Burada bizim hüquqşünaslarımız var. “Zəruri şərait yaradılmaması” hansı hallarda cinayət əməli hesab oluna bilər? Heç olmasa, “qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərə qəsdən mane olduqda” və yaxud hansısa başqa bir formada yazılsaydı, doğru olardı. Mən hörmətli Əli müəllimdən xahiş edirəm, bunu aydınlaşdırsın, çünki bu, olduqca qeyri-hüquqi bir ifadədir və buna görə də cinayət məsuliyyətinin müəyyən olunmasını, sözün açığı, düzgün hesab etmirəm.
İkinci, 233.2-ci maddə də aydındır, amma sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili məsələsinə görə də cinayət məsuliyyətinin müəyyən olunması bir qədər əsaslandırılmalıdır. Ona görə ki, xeyli rabitə vasitələri var. Mən xatırlayıram, telefon aparatlarının sertifikata uyğun olub-olmaması barədə tez-tez evlərə zəng vururdular, yaxud faks aparatlarına görə hətta rabitə müəssisələrinin əməkdaşları gəlib müəyyən iddialar irəli sürürdülər. Bunun elə bir ciddi nəticəsi yox. Amma indi rabitə vasitələrinin satışının təşkilinə görə sanksiya nəzərdə tutulur, istifadəyə görə isə yox. Amma hər halda bu məsələnin də müəyyən anlaşılmazlıqlar yaradacağı gözləniləndir. Bu baxımdan həmin məsələyə müəyyən izahatın gətirilməsini istərdim. Həqiqətən də, qəribə bir dəyişiklikdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Bu məsələ, hesab edirəm ki, rabitə müəssisələri üçün çox ciddi problem yarada bilər. Çoxsaylı müstəntiqlər, təhqiqatçılar tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi adı altında dövlət üçün, hətta maddi cəhətdən məsləhətli ola biləcək fəaliyyətin, dinləmələrin və başqa məsələlərin tətbiqi nəticəsində ciddi problemlər ortaya çıxa bilər. Adi halda bəlkə də ciddi sayılan belə işlərdə çox böyük məsuliyyət axtaracaqlar. Aylarla kimin isə bu məsələlərdə dinlənilməsi, başqa məsələlərdə tələblərin qoyulması az iş deyil. Hesab edirəm, çıxış yolu kimi belə bir cümlənin mətnə salınması yerinə düşər: “Məhkəmənin qərarı ilə müəyyən olunan tədbirlərin həyata keçirilməsində vəzifəli şəxslər tərəfindən zəruri şəraitin yaradılmaması”. Bu, hər halda qanunsuz alver hallarına yol açmamaq üçün məsələnin daha dəqiq həlli kimi qəbul oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun, cavab verin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Suallara görə təşəkkür edirəm. 233.2-ci maddə, məncə, daha aydındır. Burada cinayət məsuliyyətini kimin yaratması məsələsi qoyulubdur. Əlbəttə, konkret olaraq belə yazılıb: “Sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda”. Bu, sadəcə, satış olsaydı, mən əvvəl qeyd etdim, inzibati məsuliyyət nəzərdə tutulardı.
Məsələnin ciddiliyi ondan ibarətdir ki, burada söhbət dövlətin və milli təhlükəsizliyin qanunla qorunan mənafelərindən gedir. Amma 302-ci maddəyə Pənah müəllim və Fazil müəllim variantlar təklif etdilər. Maddənin adının da bu cür olmasının səbəbi nədir? “Rabitə haqqında” Qanunda da göstərilib ki, rabitə müəssisələrinin vəzifəli şəxslərinin üzərinə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq bir öhdəlik kimi qoyulur. Bu, pozularsa, onda qanunvericiliklə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. İki variant təqdim olundu. Birində deyildi ki, bu əməliyyat məhkəmə qərarı əsasında həyata keçirilsin. İstənilən halda belə bir qərar məhkəmənin nəzarətindən kənarda qalmır. Digər variantı Pənah müəllim təklif etdi. Əsas odur ki, həmin əmələ görə cinayət məsuliyyətinin olması vacibdir, çünki bu və ya digər formada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində rabitə müəssisəsinin vəzifəli şəxsinin məsuliyyəti müəyyən olunmalıdır. Yəni onun hərəkətlərindən çox şey asılıdır.
Hər halda, cənab Sədr, onu deyə bilərəm ki, mübahisə doğurmasın deyə, biz bununla bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə apara bilərik. Amma belə bir maddənin Cinayət Məcəlləsində olması sual verənlərdə şübhə yaratmamalıdır. Bunu səsə qoyub qəbul etmək olar.
Sədrlik edən. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun, cənab Sədr. Mən verilən hər iki sualı diqqətlə izlədim. Pənah müəllim əməliyyat-axtarış tədbirlərinin aparılması üçün zəruri şərait barədə sual verdi. Əvvəla, mən nəzərinizə çatdırmaq istəyirəm ki, biz “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun qəbul etmişik. Əməliyyat-axtarış fəaliyyəti üçün zəruri olan şərait haqqında sualın cavabı orada verilib. Əgər həmin qanuna baxsanız, görərsiniz ki, orada hamısı nəzərdə tutulub. Mən burada bir problem görmürəm.
Fazil müəllimin sualına gəldikdə, hesab edirəm ki, bu halda əvvəlcədən mütləq məhkəmənin qərarı olması zəruri deyil, Əli müəllim tamamilə doğru deyir, söhbət ölkənin milli təhlükəsizliyindən, təsəvvür edin ki, terrorizmə qarşı mübarizədən gedir. Elə hal yarana bilər ki, məhkəmənin qərarını gözləmək gec olar. Hətta 1-2 dəqiqənin söhbəti ola bilər. Əgər dövlətin təhlükəsizliyi tələb edirsə, belə də olmalıdır. “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Milli təhlükəsizlik haqqında” qanunlarda hansı hallar üçün məhkəmənin qərarı lazımdır, onların hamısı təsbit olunub. Amma elə zəruri, təxirəsalınmaz hallar yarana bilər ki, məhkəmənin qərarını gözləməklə cinayət əməlinin qarşısını almaqda yubanmış olarıq. Hesab edirəm ki, tamamilə yerindədir və buna səs verib qəbul etmək olar.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, layihəyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin 10-cu məsələsi. Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsinə Milli Məclisin iki komissiyasında baxılıbdır. Nəzərinizə çatdırım ki, bu, birinci oxunuşdur. Qanun layihəsinin birinci oxunuşunun müzakirəsində Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin direktoru Tofiq Allahverdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini Rafiq Süleymanov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Gülmalıyev iştirak edirlər. Lazım olsa, onlar da suallara cavab verəcəklər. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, buyurun.
E. İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlar, hörmətli qonaqlar! Əhalinin istirahətinin yaxşılaşdırılmasında kurort və turizm obyektləri ilə yanaşı, ölkənin şəhərətrafı zonalarında mövcud olan bağ təsərrüfatları da xüsusi rol oynayır.
Azərbaycanda bağ təsərrüfatının formalaşdırılmasına keçən əsrin 40-cı illərindən başlanılmışdır. Hələ 1930-cu illərdə Azərbaycanda kollektivləşmə həyata keçirildiyi vaxtlar keçmiş mülkədarların torpaqları, o cümlədən onların şəhərətrafı bağ əraziləri kolxozlarda birləşdirildi. Yenicə fəaliyyətə başlayan kolxozlar isə şəhər ətrafında olan bağ torpaqlarına öz gücləri hesabına lazımi aqrotexniki qulluq göstərə bilmirdilər. Əhalidən alınmış və kolxozlara verilmiş bağ sahələri baxımsızlıq və biganəlik üzündən tədricən xarabazarlıqlara çevrilir, şəhərətrafı bağlar, üzümlüklər məhv olurdu. Belə vəziyyətin getdikcə genişlənməsinin qarşısını almaq, bağların dövlət qeydiyyatının və inventarlaşdırılmasının düzgün aparılmasını təmin və şəhər əhalisinin istirahətini səmərəli təşkil etmək məqsədi ilə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1944-cü il 30 avqust tarixli qərarı ilə Bakı Şəhər Mənzil İdarəsi sistemində Təsərrüfat hesablı Bağlar Təsərrüfatı Tresti yaradıldı.
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1945-ci il 9 mart tarixli qərarı ilə Əzizbəyov və Suraxanı Rayon Xalq Deputatları Sovetləri İcraiyyə komitələrinin tabeliyindəki ümumi sahəsi 124 hektar olan 451 bağ, habelə həmin rayonların kolxozlarına verilmiş ümumi sahəsi 562 hektar olan 773 bağ Bağlar Təsərrüfatı Trestinin balansına verilmişdir. Həmin bağlar birinci 5 ildə üzüm və meyvə ağaclarının, hasar və tikililərin bərpa edilməsi şərti ilə Bakı şəhərinin idarə və müəssisələrinin fəhlə və qulluqçularına 5-10 illiyə icarəyə verilmişdi.
Əhalinin bağ sahələri ilə təmin olunması sonrakı illərdə də davam etdirildi. Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1985-ci il 12 aprel tarixli 122 saylı qərarı ilə müəssisə, idarə və təşkilatların əməkçilərinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarını ödəmək, onların və ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirmələrini təmin etmək məqsədi ilə kollektiv bağçılıq və bostançılıq yoldaşlıqlarının yaradılmasına başlandı. Bu qərardan sonra Bakı və digər şəhərlərdə kollektiv bağçılıq və bostançılıq yoldaşlıqlarının yaradılması geniş vüsət aldı.
1985-1990-cı illərdə Bakı ətrafında 400-dən çox müəssisə, idarə və təşkilata 2300 hektardan çox torpaq sahəsi ayrıldı və 20000-dən çox ailə bağ sahəsi ilə təmin edildi. Bağçılıq yoldaşlığı ərazisindən bir vətəndaşa 400-600 kvadratmetr torpaq sahəsi verildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 25 fevral tarixli 21 saylı qərarı ilə bağ üçün verilən torpaq sahəsinin ölçüsü 12 sota qədər artırıldı. Bağçılıq yoldaşlığı hüquqi şəxs sayılırdı və onun dövlət bankında bank hesabı var idi. Bağçılıq yoldaşlığı ərazilərində yolların, elektrik, su, qaz və sair mühəndis-texniki kommunikasiyaların çəkilməsi və həmin ərazilərdə fərdi bağ evlərinin inşası üçün dövlət hər bir bağçılıq yoldaşlığı üzvünə 5000 manat məbləğində bank krediti verilməsinə icazə vermişdi.
1985-2005-ci illərdə Bağlar Təsərrüfatı Birliyi tərəfindən 2700 nəfər şəhid ailəsinə, 1300 nəfər Böyük vətən müharibəsi əlilinə, 6000 nəfər müharibə veteranına, 300 nəfər Çernobıl qəzasından zərərçəkənlərə və 2000 nəfər I və II qrup əlilə bağ torpaq sahəsi ayrılmışdır. Ümumiyyətlə, 12300-dən çox imtiyazlı vətəndaş bağ sahəsi ilə təmin edilmişdir. Hazırda təkcə Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin fondunda ümumi sahəsi 9000 hektaradək olan 26 bağ ərazisində 70 mindən çox bağ sahəsi vətəndaşların istifadəsindədir.
Bu gün Xəzər dənizi boyunca yerləşən bağ ərazilərində böyük canlanma olmasına baxmayaraq, problemlər də mövcuddur. Bağ sahələrinin abadlaşdırılması, elektrikləşdirilməsi, su, qaz ilə təmin edilməsi, bağlararası yolların təmir edilməsi günün tələblərinə cavab vermir. Bağlara aqrotexniki qulluğun göstərilməsi, ekologiyanın qorunması, baxımsızlıq üzündən kütləvi yanğın hallarının olması, məişət tullantılarının daşınması qənaətbəxş deyil.
Keçən əsrin ikinci yarısından sonra müxtəlif illərdə şəhərətrafı ərazilərdə bağ təsərrüfatının inkişaf etdirilməsi üçün istər Nazirlər Kabineti səviyyəsində, istərsə də Bakı və digər şəhərlərin rəhbərliyi səviyyəsində qərarlar qəbul edilməsinə baxmayaraq, əhalinin istifadəsində olan bağ ərazilərində çoxlu sayda həll edilməmiş məsələlər qalmaqdadır. Bələdiyyələrin yaranmasından 6 il keçməsinə baxmayaraq, bu günə kimi Bakı Şəhər İcra Hakimiyyəti Bakı kəndlərindən bir çoxunun torpaqlarını bələdiyyələrə təhvil verməmişdir. Bakı şəhərinin şəhərətrafı torpaq fondunun hektarlarla əraziləri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilmədən qanunsuz olaraq müxtəlif adamlara paylanır.
Vaxtilə Nazirlər Kabinetinin qərarına əsasən nazirlik, komitə, mərkəzi idarələrin, müəssisələrin ayrı-ayrı əmək kollektivlərinə bağçılıq yoldaşlıqları formasında verilmiş torpaq sahələrindən səmərəli istifadə edilmir, yüzlərlə ləğv edilmiş müəssisələrin bağçılıq yoldaşlıqlarının torpaq sahələri sahibsizlik üzündən bərbad hala düşmüşdür, onların uçotu aparılmır, bölüşdürülməsində hərc-mərclik mövcuddur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqların qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz onların mülkiyyətinə verilməsi çox ləng aparılır. Yalnız Bakı şəhərində vətəndaşların istifadəsində olan 70 mindən çox bağ sahəsinin cüzi bir hissəsi özəlləşdirilmişdir.
Bu gün Bakı şəhəri istisna olmaqla ölkədə bağ təsərrüfatlarının sayı və onların istifadəsinə verilən torpaq sahəsi barədə dəqiq uçot yoxdur. Ölkədə nə qədər bağ təsərrüfatının fəaliyyət göstərdiyi və onların istifadəsində nə qədər torpaq sahəsinin olduğu məlum deyil. Vaxtilə verilən bağ ərazilərinin hansı hissəsinin bu gün istifadədə olmaması barədə məlumat almaq qeyri-mümkündür. Hətta respublikanın torpaq balansında bağ torpaqları göstəricisi qeyd olunmur. Bəzi ərazilərdə Azərbaycan Respublikasında torpaqların dövlət mülkiyyətinə verilməsinə qədərki dövrdə paylanmış bağ sahələri üzərində torpaq mülkiyyətçilərinin, onların varislərinin torpaq sahələri hüquqlarının bərpa edilməsini, restitusiyasını həyata keçirməyə maneçilik törədilir. Özü də bu problem getdikcə kütləvi xarakter alır, hətta bəzi dövlət orqanları və bələdiyyələr bağ istifadəçilərinin hüquqlarının pozulmasına cəhdlər göstərən vətəndaşlara saxta arayışlar və sair sənədlər də verirlər.
Bağ təsərrüfatı sistemində mövcud olan çatışmazlıqları aradan qaldırmaq, bağların dəqiq uçotunu qurmaq və özəlləşdirilməsini nizama salmaq, bağ təsərrüfatının intensiv inkişafını təmin etmək məqsədi ilə Aqrar siyasət daimi komissiyasının deputatlarının təşəbbüsü ilə Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanun layihəsi işlənib hazırlanmış və Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilmişdir. Layihə barədə Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Statistika komitələrinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı şəhər icra hakimiyyəti başçılarının, Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Mərdəkan bələdiyyəsinin rəy və təklifləri alınmışdır.
Qanun layihəsinin rəylərə əsasən işlənməsi üçün İqtisadi qanunvericilik şöbəsinin Aqrar qanunvericilik sektorunun əməkdaşlarından, komissiyanın ekspertindən və digər müvafiq nazirliklərin və təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və layihəyə bir neçə dəfə işçi qaydasında baxılmışdır. Layihə sentyabr ayının 28–də Aqrar siyasət daimi komissiyasının və oktyabr ayının 8-də Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının geniş iclaslarında müzakirə edilərək Milli Məclisə birinci oxunuşda tövsiyə edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, komissiyaların geniş iclasında deputatlar, nazirliklərin nümayəndələri, xüsusi ilə hörmətli Valeh müəllim Ələsgərov layihə barədə bir sıra ciddi iradlarını söyləmiş və təkliflərini vermişlər. Mən komissiyanın deputatları adından hörmətli həmkarlarımın və Valeh müəllimin nəzərinə çatdırıram ki, söylənilən iradlar, həqiqətən, çox düzgün və faydalı fikirlər kimi nəzərə alınmış və onların əksər hissəsi hesabına qanun layihəsi xeyli təkmilləşdirilmişdir. Bu gün, hörmətli Sədr, Sizin tərəfinizdən eşitdiyim, bugünkü müzakirə zamanı səslənəcək irad və təkliflər də birinci oxunuşdan sonra, əlbəttə, nəzərə alınacaqdır. Yəni layihə üzərində təkmilləşdirmə işləri yenə də davam etdiriləcəkdir.
Bu qanun Azərbaycan Respublikasında bağ təsərrüfatının təşkili, yaradılması, istifadəsi və dövriyyəsinin hüquqi, təşkilati və texniki əsaslarını müəyyən edəcək və bağ təsərrüfatı sahəsindəki münasibətləri tənzimləyəcəkdir. Qanun layihəsi 6 fəsil və 26 maddədən ibarətdir. Qanun layihəsinin I fəsli ümumi müddəalara həsr olunmuşdur. Burada qanunda istifadə edilən əsas anlayışlar, bağ təsərrüfatı haqqında qanunvericiliyin məqsədi, bağ təsərrüfatının obyektləri və subyektləri, bağ istifadəçilərinin hüquqlarının qeydiyyatı və uçotu barədə müddəalar öz əksini tapmışdır. Qanun layihəsinin 3-cü maddəsində göstərildiyi kimi, bağ təsərrüfatı haqqında qanunvericiliyin məqsədi mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olmayan, şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili üçün bağ təsərrüfatının yaradılması və bağ sahələrinə dair hüquqi münasibətlərin tənzimlənməsi, bağ ərazilərindən təyinatına uyğun istifadənin təmin edilməsi və şəhərətrafı zonaların ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bağ təsərrüfatının obyektləri bağ sahəsi və bağ sahəsi üzərində mövcud olan bina, tikili və infrastruktur vahidlərindən, subyektləri isə bağ sahəsinin dövriyyəsində iştirak edən şəxslərdən, bələdiyyələrdən, müvafiq icra hakimiyyəti orqanlarından və bağ istifadəçilərindən ibarətdir. Layihənin 5-ci maddəsi bağ sahəsi üzərində bağ istifadəçilərinin mülkiyyət və icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin reyestrdə çıxarışla rəsmiləşdirilməsi ilə müəyyənləşdirilir. Bağ istifadəçilərinin hüquqları dövlət qeydiyyatına alındıqdan sonra bağ istifadəçiləri bir ay ərzində torpaq sahəsini onların mülkiyyətinə və icarəsinə vermiş hüquqi şəxslərə dövlət qeydiyyatına alınması barədə məlumat verir və torpaq kadastrı aparan müvafiq icra hakimiyyəti orqanında uçota durur. Bağ sahəsi barədə məlumatlar müvafiq kadastrlara ayrıca sətirlə daxil edilir, hər il yekunlaşdırılaraq müvafiq icra hakimiyyəti orqanlarına hesabatlar təqdim edilir.
Qanun layihəsinin II fəsli bağ ərazilərinin təşkili, bağ ərazilərinə olan tələbatın müəyyən edilməsi, abadlaşdırılmasına həsr olunmuşdur. Bağ ərazilərinin təşkili yaşayış məntəqələrinin perspektiv inkişafı və coğrafi mövqeyi, ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən torpaq sahələri hesabına həyata keçirilir. Bağ əraziləri 6-cı maddədə göstərildiyi kimi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri hesabına formalaşdırılır. Bağ ərazilərinə ümumi istifadədə olan bələdiyyə, xüsusi qorunan yerlərin, faydalı qazıntı yataqlarının, kənd təsərrüfatına yararlı, habelə müdafiə və təhlükəsizlik təyinatlı ərazilərin, dövlət meşə və su fondunun, yay və qış otlaqlarının, əhalinin həyat və sağlamlığı, əmlakının salamat qalması üçün təhlükəli sayılan, qanunvericiliklə müəyyən edilmiş digər torpaq sahələrinin ayrılmasına yol verilmir.
Bağ ərazilərinə olan tələbat müvafiq ərazi vahidində əhalinin demoqrafik inkişafı, sosial-iqtisadi durumu, bağlara olan faktik tələbat, bağ sahəsinin ölçüsü və digər amillər nəzərə alınmaqla bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bağ ərazilərinin genişləndirilməsi ehtiyacı yarandığı hallarda bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları qanunvericiliyə uyğun qaydada vəsatət qaldırırlar. Bağ ərazilərinin təşkili və abadlaşdırılması layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi norma və qaydalar əsasında hazırlanır. Həmin norma və qaydalar torpaq, şəhərsalma, təbiəti mühafizə, əhalinin sanitar-epidemioloji sağlamlığı, yanğın təhlükəsizliyi, baytarlıq və fitosanitariya haqqında qanunvericilik aktlarının tələblərinə əsaslanır. Bağ ərazilərinin təşkil edilməsi və abadlaşdırılması layihələrinin yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Qanun layihəsinin III fəsli bağ təsərrüfatının yaradılmasına həsr olunmuşdur. Bu fəsildə bağ torpaq sahələrinin istifadəyə verilməsinin əsasları, bağ istifadəçilərinin hüquqları və vəzifələri şərh edilir. Bağ sahəsinin fiziki şəxslərə verilməsi qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olaraq növbəlilik əsasında həyata keçirilir. Layihənin 9.5-ci maddəsində imtiyazlı əsaslarla bağ sahəsi ilə ilk növbədə təmin olunanların siyahısı sadalanır. Siyahıda Milli Məclisin deputatlarının da adları çəkilir. Hesab edirəm ki, bu siyahıdan deputatları çıxarmaq düzgün olmazdı. Ona görə ki, bizim digər qanunlarımızda da burada sadalanan adamların imtiyazları var, ancaq bizim deputatların adları göstərilmir. Biz onu buraya daxil etmişik və sizin müzakirənizə veririk. Nə dərəcədə nəzərə alınıb-alınmaması məsələsi müzakirədən asılıdır.
Bağ təsərrüfatının yaradılması dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi, bələdiyyə mülkiyyətində olan torpaqların isə bağ istifadəçilərinin xüsusi mülkiyyətinə satılması və ya icarəyə verilməsi qaydasında həyata keçirilir. Ailə üzvlərindən yalnız bir nəfərinin bağ təsərrüfatı yaratmaq üçün torpaq sahəsini bələdiyyə mülkiyyətindən xüsusi mülkiyyətə və ya icarəyə, dövlət mülkiyyətindən isə yalnız icarəyə götürmək hüququ vardır. Eyni ərazidə bağ istifadəçisinin mülkiyyətinə və ya icarəsinə iki və daha çox bağ sahəsi verilmir. Bağ istifadəçilərinin xüsusi mülkiyyətdən yeni bağ sahələri əldə etməsinə məhdudiyyət qoyulmur.
III fəslin 11-ci maddəsində sadalanan bağ istifadəçilərinin vəzifələrinə hörmətli Valeh müəllimin təklifi ilə bağ ərazilərində fərdi, birgə və ya ümumi istifadə edilən su, kanalizasiya, enerji, digər mühəndis qurğuları, infrastruktur obyektləri və kommunikasiya xətləri quraşdırmaq bəndi əlavə edilmişdir. Burada, həmçinin bağ istifadəçilərinə bağ sahəsini yol və keçidlərin, qonşu bağların və istifadə olunmayan digər torpaqların hesabına genişləndirmək, bağ sahəsində mal-qara və quşlar saxlamaq, istixanalar quraşdırmaq, istehsal və emal obyektləri yaratmaq, çoxmənzilli, çoxmərtəbəli yaşayış binaları inşa etmək, bağ təsərrüfatından mənfəət əldə edilməsi məqsədi ilə istifadə etmək, tullantı sularını dənizə, çaylara, göllərə, yaşayış məntəqələrinə, meşələrə, əkin sahələrinə, ətraf mühitin mühafizəsi və sanitar-gigiyena obyektlərinə axıtmaq, bağ sahəsində sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədi ilə bir araya sığmayan digər fəaliyyətlə məşğul olmaq kimi işlər qadağan edilir.
Qanun layihəsinin IV fəslində bağ təsərrüfatının idarə edilməsinin əsas prinsipləri, onun idarə edilməsində dövlətin və bələdiyyələrin vəzifələri, bağ təsərrüfatına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin himayəsi haqqında məlumat verilir. Bağ təsərrüfatının idarə edilməsi bağ istifadəçilərinin hüquq bərabərliyinin təmin edilməsi, əhalinin bağ sahəsi ilə təmin edilməsində növbəliyin gözlənilməsi, bağ sahəsinin məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, bağ sahəsinin münbit qatının mühafizəsi, bağ ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması, bağ sahəsindən istifadənin qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişli olması prinsiplərinə əsaslanır.
15-ci maddə bağ təsərrüfatına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin himayəsi məsələsinə həsr edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin bağ istifadəçilərinə himayəsi aşağıdakı istiqamətlərdə aparılır: bağ ərazilərində kommunikasiya xətlərinin çəkilməsi, infrastruktur və sosial obyektlərin tikintisi; bağ ərazilərinin abadlaşdırılması, zibillərin daşınması, ekoloji tarazlığın bərpası, bağ sahələrinin eroziya və çirklənmədən mühafizə edilməsi proqramlarının hazırlanması və həyata keçirilməsi; bağ istifadəçilərinin müxtəlif bitki toxumları və əkin materialları, bitki zərərvericilərindən və xəstəliklərdən mühafizə vasitələri ilə təmin edilməsi; bağ evlərinin tikintisi, su, qaz, enerji, rabitə xətlərinin çəkilməsi, artezian quyularının qazılması, çirkab və tullantı sularının təmizlənməsi və ötürülməsi sistemlərinin quraşdırılması üçün bağ istifadəçilərinə güzəştli şərtlərlə uzunmüddətli kreditlərin verilməsinə köməklik göstərilməsi; bağ ərazilərində səhiyyə, kommunal, ticarət, məişət və digər xidmət obyektlərinin səmərəli yerləşdirilməsi və təşkili; bağ ərazilərinə sərnişin daşınması, yeni avtobus marşrutlarının açılması, nəqliyyat xidmətinin yaxşılaşdırılması; bağ təsərrüfatının inkişafı məqsədi ilə maarifləndirmə işinin aparılması; nümunəvi bağ təsərrüfatlarının müsabiqəsinin keçirilməsi və onların təcrübəsinin geniş yayılması.
Qanun layihəsinin V fəsli bağ sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinin xüsusiyyətlərini əhatə edir. Burada bağ sahəsinin icarəyə və xüsusi mülkiyyətə verilməsi, bağ sahəsi üzərində hüquqların özgəninkiləşdirilməsi, ondan istifadəyə görə torpaq haqqı, bağ sahəsi üzərində hüquqlara xitam verilməsi və bağ istifadəçilərinin ictimai birliklərdə birləşməsi hüquqları göstərilir. Bağ sahələri Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 15 il müddətinədək icarəyə verilə bilər. Bağ sahəsinin icarəyə verilməsi notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi əsasında həyata keçirilir. Müddəti 11 aydan çox olan icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İcarəyə verilən bağ sahəsinə görə bağ istifadəçiləri tərəfindən icarə haqqı və torpaq vergisi ödənilir.
2001-ci il yanvarın 1-dək vətəndaşların qanuni istifadəsindəki fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 2001-ci il yanvarın 1-dən sonra dövlət torpaqları hesabına yaradılmış bağ sahələrinin özəlləşdirilməsinə yol verilmir. 2001-ci il yanvarın 1-dən sonra bələdiyyə mülkiyyətində olan torpaqlarda bağ təsərrüfatının yaradılması qanunvericiliyə uyğun olaraq torpaqların alğı-satqısı qaydasında bələdiyyələr tərəfindən həyata keçirilir və bu torpaqlar bağ istifadəçilərinin xüsusi mülkiyyətinə verilir.
İcarə hüququ əsasında bələdiyyə torpaqlarından istifadə edən bağ istifadəçiləri müddət məhdudiyyəti qoyulmadan bağ sahələrini qanunvericilikdə nəzərdə tutulan qaydada satın almaq hüququna malikdirlər. Bağ sahəsi üzərində hüquqların özgəninkiləşdirilməsi qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilir. 2001-ci il yanvarın 1-dək istifadəyə verilmiş və özəlləşdirilməmiş bağ torpaq sahəsi və ya onun bir hissəsi bağ istifadəçisinin rəsmi razılığı əsasında özgəninkiləşdirilərkən keçmiş bağ istifadəçisinin bağ sahəsini qanunvericiliyə uyğun olaraq əvəzsiz özəlləşdirmək hüququ yeni bağ istifadəçisinə keçir. Bağ sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət və icarə hüquqlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilə bilər.
Sonuncu, VI fəsil bağ təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həllinə həsr olunur. 24-cü maddə çox mühüm bir problemin qarşısını almağa istiqamətləndirilmişdir. Mən bu barədə çıxışımın əvvəlində də qısaca dedim. Son illər ölkənin bəzi regionlarında əhalinin müəyyən qrupları müəyyən torpaq sahələrini, o cümlədən bağ torpaq sahələrini, onların dədə-baba torpaqları olması barədə iddia qaldırmaqla qanunsuz zəbt edirlər. Bu proses Bakıətrafı qəsəbələrdə daha geniş yayılmışdır.
Torpaq vergisinin yerli bələdiyyələr tərəfindən yığılması ilə əlaqədar bir fikrimi də demək istəyirəm. Bir çox bələdiyyələr Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin balansında olan bağ torpaqlarının onlara aid olduğunu iddia edərək sahələrin yerli kənd əhalisi tərəfindən zəbt edilməsinə şərait yaradır və qanunsuz sənədləşmə işi aparırlar. Belə hallar ən çox Maştağa, Nardaran, Kürdəxanı, Şüvəlan və Türkan qəsəbələri ərazilərində baş verir. Deyilən neqativ halların qarşısını almaq üçün 24-cü maddədə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların dövlət mülkiyyətinə verilməsinə qədər olan dövrdə torpaq mülkiyyətçilərinin və ya onların varislərinin torpaq sahələri üzərində hüquqlarının bərpa edilməsinə yol verilmir. Keçmiş torpaq mülkiyyətçilərinə, onların varislərinə Azərbaycan Respublikasında torpaqların dövlət mülkiyyətinə verilməsinə qədərki dövrdə onların mülkiyyətində torpaq olmasına dair müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən hər hansı bir sənədin, arayış və sairin verilməsi qadağandır. Belə sənədlər etibarsız hesab olunur və onların heç bir hüquqi qüvvəsi yoxdur.
Qanuni istifadədə olan bağ sahəsi üzərində bağ istifadəçilərinin hüquqlarını həyata keçirməyə maneçilik törədən, habelə bağ istifadəçilərinin hüquqlarının pozulmasına cəhdlər göstərən vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu fəsildə həmçinin bağ istifadəçilərinin, bələdiyyə və dövlət orqanlarının vəzifəli şəxslərinin məsuliyyəti, bağ istifadəçilərinə vurulan ziyanın ödənilməsi və mübahisələrin həllinə aid maddələr də verilir.
Hörmətli deputat həmkarlarım, mən qısa çıxışımla çalışdım ki, qanun layihəsinin vacibliyini və prinsipial müddəalarını diqqətinizə çatdırım. Komissiya hesab edir ki, layihə birinci oxunuşun tələblərinə uyğun gəlir və konseptual baxımdan qəbul oluna bilər. İnanıram ki, qanun layihəsi barədə sizin mülahizələriniz, dəyərli təklif və rəyləriniz layihənin daha da təkmilləşdirilməsinə böyük kömək göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Milli Məclisin üzvləri, Bağ təsərrüfatı haqqında qanun layihəsi bizə aid bəzi məsələlərlə bağlı olduğuna görə ona komissiyamızda da baxılmışdır. Həmin məsələlər, birinci növbədə, bağçılıq fəaliyyətinin ətraf mühitə vurduğu ziyanla əlaqədardır. Vaxtilə içməli olan, təsərrüfatda istifadə edilən su artıq qalmayıb. Bu su çirkaba dönüb, ətraf torpaqları, dənizi çirkləndirir. Bu nöqteyi-nəzərdən komissiya buna qatıldı, artıq bəzi fikir və rəylərimizi Eldar müəllimə çatdırdıq və inanırıq ki, bunlar işlənilib nəzərə alınacaq. Bəziləri artıq görürəm ki, nəzərə alınıb. Komissiyamız bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılmasını tövsiyə etmişdir. Əminik, müzakirə zamanı qanun layihəsi elə bir qanuna çevriləcək ki, onu qəbul eləyən millət vəkili alqışlar sahibi, alqışlar ünvanı olacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Eldar müəllim qanun layihəsinin məqsəd və vəzifələrini geniş və ətraflı şəkildə izah elədi, onun vacibliyi ilə bağlı fikirlərini söylədi. Təbii ki, bu qanun vacibdir, lazımdır. Bəlkə də bunu 5-6 il əvvəl qəbul eləsəydik, daha yaxşı olardı. Amma gec də olsa, qəbul etməklə bağçılıq təsərrüfatlarının təşkilində nizam-intizam, qayda-qanun yaratmağa, yəqin ki, nail ola biləcəyik. Əlbəttə, bağ təsərrüfatı haqqında qanun yalnız Bakı və Bakıətrafını əhatə etmir. Bu, ümumrespublika səviyyəli bir qanun olmalıdır.
Bağ deyəndə, ən çox diqqətimizi dənizətrafı ərazi cəlb edir. Vaxtilə mərhum Prezidentimizin də sərəncamı olmuşdu ki, Xəzər dənizinin sahili boyunca 130 metr ərazi üzərində bu və ya digər obyektlərin salınmasına icazə verilmir. Bu qanun layihəsində öz əksini tapan maddədə 80-130 metr yazmışıq. Bunu konkretləşdirmək daha yaxşı olardı. Ümumilikdə bu qanundan qabaq, hesab edirəm ki, Bakı ətrafındakı torpaqların inventarizasiyası aparılmalıdır. Əks təqdirdə bu qanunu tətbiq eləmək çox çətin olacaq, çünki Bakı ətrafındakı torpaqların mənsubiyyəti məsələsi olduqca dolaşıq vəziyyətə düşübdür. Bakı rayonlarının, xüsusi ilə, Abşeron rayonunun torpaqları bir-birinə qarışıb. Əvvəllər də burada bağçılıq təsərrüfatına aid söhbət qaldırılıb. Sovet dövründə torpaqlar çox qarışıq, dolaşıq vəziyyətdə paylanmışdı. Yəni bunlar həll olunmalıdır. Qanunu biz qəbul edəcəyik, amma onun tətbiqi zamanı mütləq bu və ya digər çətinliklər ortaya çıxacaqdır, çünki torpaq üzərində mülkiyyət, torpağın idarəçiliyi və Bakıətrafı ərazilərdə olan torpaqların mənsubiyyəti ilə bağlı məsələlər tam şəkildə öz həllini tapmamışdır.
Bu qanunu qəbul etməklə başqa məsələni də həll etməliyik. Adətən, xarici dövlətlərdə “bağlar”, “bağ” dedikdə, şəhər ətrafında müəyyən standarta uyğun salınmış yaşayış məskənləri nəzərdə tutulur. Amma bizdə bağ yeri ayrılanda şəhərin yaxınlığında olan bu və ya digər qəsəbələr, həmin ərazilərdə salınmış obyektlər arasında elə bir fərq qoyulmur. Bu da ətraf mühitə, ekologiyaya ciddi təsir göstərir. Məsələn, Abşeron yarımadasının özünəməxsusluğu var. Böyük hasarların tikintisi Abşeronda bitki örtüyünə ciddi ziyan vurub və bu yerin əvəzsiz sərvəti sayılan üzüm, əncir bağları sıradan çıxıb.
Biz bu və ya digər ərazi ayıracağıqsa, buradakı tikililərin müəyyən standarta uyğun olmasını nəzərə almalıyıq. Bunlar qanunda da öz əksini tapmalıdır. Yəni həmin ərazini alıb yeni yaşayış məskəni, qəsəbə salacaqsansa, bu artıq bağ olmayacaq. İndi torpaq sahəsinə yiyələnənlərin əsas məqsədi yaşayış məskəni salmaq, obyektlər tikmək, mal-qara, toyuq ferması yaratmaq, heyvan saxlamaqdır. Bilmirsən bura bağdır, ya yeni sənaye-fermer təsərrüfatı mərkəzidir? Ona görə bağ təsərrüfatı və bağçılıq haqqında qanun hazırlananda bu nüanslar ciddi şəkildə nəzərə alınmalıdır. Mən bilmirəm, Bakı ətrafında boş torpaq qalıbmı ki, onu təzədən bağ təsərrüfatı üçün istifadə edə bilək? Elə torpaqlar varsa, yenidən bu torpaqlar bağ təsərrüfatı üçün istifadəyə veriləcəksə, burada ciddi qayda-qanun yaradılmalı, şərtlər qoyulmalıdır. Verilən torpaqdan onun yiyəsi yalnız bağ kimi istifadə etməlidir. Daha onu hansısa bir fabrikin, sexin, müəssisənin yardımçı ərazisinə çevirməməlidir. Baxırsan ki, burada bir ərazi bağdır, onun yanında isə karxanadır, kimsə daş işi görür, mərmər sexi açır. Bu məsələlər qanunla mütləq tənzimlənməlidir. Yenə deyirəm, qanunun vacibliyi sözsüzdür, bəlkə bunu əvvəl qəbul eləmək lazım idi ki, bu cür problemlərlə üzləşməyək.
Sonra, qanunda növbəlilik məsələsi necə həll olunacaq, harada növbəyə durmaqdan söhbət gedir? Bu məsələlər açıq qalıb. Mən məsələyə ümumi şəkildə yanaşdım. Konkret maddələr üzrə müzakirə növbəi oxunuşda olacaq. Hesab edirəm, qanunu elə qəbul eləməliyik ki, əgər dövlətin və bələdiyyənin azad, sərbəst torpaqları varsa, orada bağ massivləri salacağıqsa, gələcəkdə həmin bağ sahələri, həqiqətən, bağa oxşamalı, onlardan bağ sahəsi kimi istifadə olunmalıdır.
Mən hesab edirəm ki, layihəni birinci oxunuşda qəbul etməliyik, sonra ikinci oxunuşda bunun üzərində iş aparılmalıdır. Müxtəlif qurumlarla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə, digər aidiyyəti qurumlarla elə işləmək lazımdır ki, qanun təkmil qaydaya salınsın və yenidən verilən torpaqlardan səmərəsiz istifadə olunmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mənəvi təmizlik və paklıq rəmzi olan Ramazan ayı başa çatır. Bu münasibətlə həmkarlarımı, bütün ibadət edən insanları təbrik edirəm! İclasımızın əvvəlində Siyavuş müəllim tərəfindən səslənən təkliflə mən də həmrəy olduğumu bildirirəm.
Müzakirə olunan qanun layihəsinin 6-cı maddəsinin 2-ci bəndində belə bir fikir var: ”Bağ əraziləri dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri hesabına formalaşır.” Biz bilirik ki, həm bələdiyyə, həm də dövlət torpaqlarının tənzimlənməsi üçün mövcud qanunlar var. Sual oluna bilər ki, onda belə bir qanuna ehtiyac haradan doğur? Mənə belə gəlir ki, bu ehtiyacın bir çox səbəbləri var. Həm komissiyanın sədri hörmətli Eldar müəllim, həm də məndən öncə çıxış edən Mübariz müəllim bir çox məsələlərə aydınlıq gətirdi.
Mənə də elə gəlir ki, bu cür ərazilərin, torpaqların məhz qəsəbə və böyük şəhərlər ətrafında salınması məqsədəuyğun olardı. Bilirsiniz ki, bu gün Azərbaycanın torpaq bazarında ən yüksək qiymətlərə məhz belə torpaqlar malikdir. Bu nöqteyi-nəzərdən də onların qiymətinin torpaq bazarında yüksəlməsi və əldə olunma mexanizminin nisbətən çətinləşməsi belə torpaqlardan məhz başqa məqsədlərlə istifadəsinə, yəni öz təyinatı ilə istifadə olunmamasına müəyyən dərəcədə rəvac verir. Burada Mübariz müəllim çox ətraflı və düzgün qeyd elədi ki, bağ təsərrüfatı, bağ ərazisi əhalinin istirahəti, adamların sağlamlıqlarını qorumaq məqsədi ilə istifadə olunan sahələrdir. Amma məhz bahalığı, bəzi adamlar üçün əldə olunmasının asan olması belə insanları kütləvi şəkildə bu ərazilərdən, torpaqlardan kommersiya, fermer məqsədləri ilə istifadəyə sövq eləyir. Həmkarlarım razılaşarlar ki, ən çox da mübahisələr məhz bu arqument üzərində qurulur.
Mən də hesab edirəm ki, bağ təsərrüfatı haqqında belə bir xüsusi qanunun qəbul olunmasına, həqiqətən, ehtiyac var. Bəzi MDB ölkələrinin statistikası göstərir ki, baytarlıq, fitosanitariya üzrə bir çox yoluxucu xəstəliklər məhz belə bağ ərazilərinin nəzarətsiz qalması üzündən ölkəyə yayılıb. Qəsəbə və şəhər əraziləri aktiv iqtisadi zona olması insanları kütləvi surətdə bu ərazilərdən istifadə etməyə sövq edir.
Mən uzun-uzadı danışmaq istəmirəm, hesab edirəm ki, belə bir qanunun konseptual baxımdan qəbul olunmasına çox böyük ehtiyac var. Bizim komissiyada qanun layihəsi maddələr üzrə geniş təhlil edilibdir. Amma indi baxıb görürəm ki, bəzi maddələrdə müəyyən məntiqsizlik var. Yəqin ki, ikinci oxunuş zamanı maddələrdə olan çatışmazlıqları bir daha ətraflı müzakirə edəcəyik. Həmkarlarımı qanun layihəsinin konseptual baxımdan qəbul olunmasına dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən Mübariz müəllimin fikrinə qoşuluram və buradakı rəsmi şəxslərdən soruşmaq istəyirəm ki, doğrudanmı bu qanunun qəbul edilməsi üçün bizdə lazımi baza var? Çünki düzgün və yerində səslənən “Bakı ətrafında boş torpaq qalıbmı?” sualına cavab verilməsi lazımdır. Ümumiyyətlə, bizə, hər şeydən əvvəl, “təxminən nə qədər torpaq sahəsi var ki, biz gələcəkdə ondan bağ təsərrüfatı üçün istifadə edə biləcəyik?” sualının cavabı lazımdır. Mübariz müəllim düz dedi ki, bu qanun gərək 5-6 il qabaq qəbul ediləydi. Bu gün təkcə Eldar müəllimin dediyi yerlərdə - Maştağada, Türkanda yox, ümumiyyətlə, bütün bağ ərazilərində biabırçı vəziyyət yaranıbdır.
Bakıətrafı zonalarda hələlik ərazi, onun bazası var. Burada bağ torpaq sahələrinin istifadəyə verilməsinin əsasları, kimlərin dövlət və bələdiyyə mülkiyyətindən imtiyazlı əsaslarla bağ sahəsi ilə ilk növbədə təmin olunması göstərilir. Ümumiyyətlə, mən Eldar müəllimdən xahiş edərdim ki, bu siyahıda bir az düzəliş edilsin. Yazır: ”Azərbaycan Respublikasının Milli qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, şəhid ailələri, birinci və ikinci qrup müharibə əlilləri, Çernobıl qəzası əlilləri, Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının akademikləri, müharibə veteranları və sair”. Əvvəla, heç də doğru deyil ki, bu siyahıda Milli Məclisin deputatları müharibə veteranlarından öndə olsunlar. Hər halda bu, etik baxımdan da doğru deyil. Burada müharibə veteranlarının Milli Məclisin deputatlarından önə keçirilməsinə böyük ehtiyac var.
İkinci məsələ. Biz belə siyahılarda bəzi cəhətləri nəzərdən qaçırırıq və bu da bu praktikada problemlər yaradır. Məsələn, niyə siyahıda Əfqanıstan müharibəsi əlilləri və veteranları yoxdur? Bilirsiniz, Çernobıl qəzası əlillərini deyirik, amma Əfqanıstan müharibəsi əlilləri və veteranlarının da sayı az deyil, onlar da sonra bu məsələni qaldıracaqlar.
Çox vacib məsələlərdən birinə də toxunmaq istəyirəm. Bilirsiniz ki, bu gün Azərbaycan atəşkəs rejimində yaşayır. Amma tez-tez atəşkəs rejimi pozulur. Ön cəbhədə bizim kifayət qədər əsgərlərimiz, hərbçilərimiz var ki, bunun qarşısını almaq uğrunda addımlar atırlar. Bu zaman onların bəziləri yaralanır, həlak olurlar, amma şəhid statusu almırlar, çünki atəşkəsdir. Mənə elə gəlir ki, orduda xidmət edən, əməliyyat tapşırıqlarını yerinə yetirərkən həlak olan əsgərlər də şəhid sayılırlar. Onların ailələri də bu imtiyazdan istifadə etməlidirlər. Belə şəhidlərin adlarının siyahıda Çernobıl qəzası əlillərindən yuxarı öz əksini tapmasını vacib sayıram. Bu siyahının bir az dəqiqləşdirilməsinə ehtiyac var.
Sonra, layihənin 9.8-ci maddəsində deyilir: ”Eyni ərazidə bağ istifadəçisinin mülkiyyətinə və icarəsinə iki və ya daha çox bağ sahəsi verilmir.” Eyni ərazi olmasın. Başa düşə bilmirəm, birini Əzizbəyov rayonunda, birini də Şıxovda ala bilər? Əgər bizdə bu qədər torpaq sahəsi yoxdursa, bir dəfə yer almaq kifayət eləyər. Növbəliliklə bağlı məsələni bəlkə belə qoyaq ki, əgər ərazi yoxdursa, gələcəkdə sıralanan növbəliliyi pozan məsul şəxslər ciddi şəkildə cəzalandırılsınlar. Yoxsa bir də görəcəksən, şəhid ailəsi qalıb... Deputatlar da 5 ildən bir dəyişirlər. 5 il müddətində torpaq sahələri düzələnə qədər vaxt keçər, həmin sahələr gələn deputatlara çatar. Odur ki, növbədəki ardıcıllıq yerinə yetirilməyəcəyi təqdirdə məsul şəxslərin cəzalandırılması məsələsi qoyulsun.
Burada sahilboyu 130 metrlik məsafə ilə bağlı deyildi. Çox sağ olsun Eldar müəllim ki, bu sənəddə də həmin məsələnin öz əksini tapmasını vacib sayıbdır. Bununla bağlı cənab Prezidentin sərəncamı da vardır. Bu gün Eldar müəllim də dedi, Bakının kəndlərini gəzib baxsaq, görərik ki, artıq dənizin sahilləri özəlləşdirilib. İnsanlar dənizə də gedə bilmirlər. Bir alimdən eşitmişəm ki, Allaha şükür, qonşum villa tikib, 2 metr məsafə qoyub, mən də həmin yolla dənizə gedə bilirəm. Bu biabırçılıqları aradan qaldırmaq lazımdır. Elə bu qanunda buna riayət etməyən şəxslərin cinayət məsuliyyəti səviyyəsində cəzalandırılması məsələsini qoymalıyıq. Mübariz müəllim düzgün dedi ki, xüsusi qaydalar olmalıdır. Hətta Avropa şəhərlərində də qaydalar var. Şəhərdə neçə mərtəbəli binanı tikmək olmaz, necə binalar tikmək məsələsinə diqqət yetirildiyi kimi, bağ təsərrüfatı ilə də bağlı xüsusi standartlar tətbiq olunmalıdır ki, gələcəkdə ciddi problemlər yaranmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun, cənab Sədr. Bağ təsərrüfatı haqqında təqdim olunan qanun layihəsi kifayət qədər aktualdır. Hesab edirəm ki, onun konsepsiyası kifayət qədər mükəmməl qurulub. Amma təqdim edilən zaman belə bir suala da cavab vermək lazımdır ki, birinci variantda bunun işlənməsi mümkündürmü? Hesab edirəm ki, bəzi məqamlara diqqət yetirməklə qanunun konsepsiyasını təkmilləşdirmək lazımdır.
Qanun layihəsi bağ təsərrüfatı sahəsindəki münasibətlərin tənzimlənməsi, eyni zamanda, bağ təsərrüfatına sahiblik, sərəncam və istifadə hüququnun təsbit olunması ilə bağlı mühüm əhəmiyyət kəsb edən maddələrlə təmin olunubdur. Burada, mən deyərdim ki, həm də daşınmaz əmlak bazarının inkişaf etdirilməsi üçün mühüm və faydalı məqamlar var. Amma bunlarla yanaşı, bəzi maddələr təkmilləşdirilməlidir.
Ölkədə, biz bilirik ki, torpaq islahatı keçirilən zaman torpağın yarıya qədəri dövlət mülkiyyətində qaldı. Yerdə qalan torpağın yarısı müvafiq bölgü ilə bələdiyyə mülkiyyətinə və xüsusi mülkiyyətə verildi. Bu zaman bağ təsərrüfatına həm dövlət mülkiyyətindən, həm də bələdiyyə mülkiyyətindən nə qədər fond ayrılması məsələsinə aydınlıq gətirilməli idi. Təəssüf ki, bu istiqamətdə iş getməyib. Ona görə bu qanun qəbul edilən zaman mövcud vəziyyət və bundan sonrakı bağ təsərrüfatlarının yaranması ilə bağlı münasibətlərin necə tənzimlənməsi sualına dəqiq cavab tapmaqda çətinlik çəkirik. Burada açıq qalan məsələlər var.
Bağ təsərrüfatı ilə bağlı statistikanın təkmilləşdirilməsi və bu barədə məlumatların rəsmi statistikaya salınması, hesab edirəm, həm də qanunda təsbit olunmalıdır. Sonra, əgər söhbət bağ təsərrüfatından, əhalinin istirahətindən gedirsə və bu da daha çox Abşeronu əhatə edirsə, mütləq və mütləq qanunda ekoloji blok təkmilləşdirilməli və möhkəmləndirilməlidir. Eyni zamanda, qanun layihəsində elə məqamlar var ki, onun konsepsiyasına aydınlıq gətirilməsinə ehtiyac var.
Məlum olduğu kimi, həm dövlət başçısının müvafiq sərəncamında, həm də qanunvericilikdə bağların dəniz sahilindən nə qədər məsafədə olması məsələsi müəyyənləşdirilib. Burada da qoyulan məsələ həmin qanunvericilikdən götürülübdür. Amma neçə müddətdir ki, bu maddə işləmir. Bağ təsərrüfatlarının dənizdən ən azı 80-130 metr məsafədə olması ilə əlaqədar digər qanunvericilik sənədlərində də müvafiq dəyişikliklər edilməsini, həmin sənədlərdə eyni rəqəmin məsələn, 80 metr göstərilməsi, hesab edirəm ki, daha məqsədəuyğun variantdır.
Bağ təsərrüfatı ilə bağlı diqqəti çəkən məqamlardan biri bilavasitə bağlarda binaların tikilməsi məsələsidir. “Çoxmərtəbəli bina” deyəndə nə başa düşülür? Bu, kifayət qədər müxtəlif gedişlər üçün yer qoyur. Bu məsələyə aydınlıq gətirilməsi həddən artıq vacibdir. Bağların xüsusi mülkiyyətə verilməsi məsələsi ilə əlaqədar deyildi ki, 2001-ci ilə qədər olan bağlar özəlləşdirilə bilər, 2001-ci ildən sonrakı bağlar isə yox. Niyə belə məhdudiyyətlər qoyulur? Mütəxəssislər buna da cavab verməlidirlər.
Bağdan istifadə və onun icarəyə verilməsindən bəhs edən 19-cu maddədə maraqlı bir cəhət var. Əgər deyirik ki, bağ təsərrüfatından mənfəət götürmək üçün istifadə etmək olmaz, onda məntiqi bir sual ortaya çıxır. Niyə icarəyə götürən həm icarə haqqı, həm də torpaq vergisi ödəməlidir? Əgər mənfəət götürmürsə, niyə torpaq vergisi verməlidir? Ona görə burada yalnız icarə haqqından söhbət gedə bilər. Bu cür cəhətlərə, hesab edirəm, Bağ təsərrüfatı haqqında qanun layihəsində aydınlıq gətirilməlidir.
20-ci maddənin 7-ci bəndində dövlət və ictimai ehtiyaclar üçün bağ sahələrinin qanunvericilikdə nəzərdə tutulan qaydada bağ istifadəçilərindən geri alınması məsələsi qaldırılıb. Mən hesab edirəm, layihədə ən təhlükəli maddə budur. Əgər qanunvericiliklə müəyyən olunmuş qaydada onun geri alınmasından söhbət gedirsə, onda qanunvericiliklə müəyyən olunmuş qaydada onun əvəzi də verilməlidir. Layihədə də belə bir müddəa öz əksini tapmalıdır. Belə bir maddənin qeyd olunan formada qəbul edilməsi xeyli dərəcədə sui-istifadə hallarına gətirib çıxara bilər ki, sonradan bu insanların haqlarının kobud şəkildə pozulması halları yaradar. Bu cür məqamlar çoxdur, hesab edirəm, ikinci oxunuşa qədər layihə təkmilləşdiriləcək və növbəti müzakirəyə daha mükəmməl variant çıxarılacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, bayramqabağıdır, hamı elə bil, bir az darıxır. Rafael Cəbrayılov da çıxış üçün yazılıb. O, yeni seçilmiş deputatlardandır. Hesab edirəm ki, ona da söz verək, sonra səsə qoyarıq.
R. Cəbrayılov. Çox sağ olun, minnətdaram, Oqtay müəllim. Hörmətli Eldar müəllim, Sizə elə gəlmirmi ki, təqdim olunan qanun layihəsi çox gecikib? Bu, hazırda Abşeron yarımadasında çəpərləmə əməliyyatını həyata keçirən adamların niyyətlərinin hüquqi baxımdan reallaşmasını təmin edən bir qanun olacaqdır. Sağ olun.
Sədrlik edən. Bu məsələni qaldırmışdılar. Sualların hamısının cavabı ikinci oxunuşda aydın olacaqdır. Mən də hesab edirəm ki, bu qanun layihəsini konseptual baxımdan qənaətbəxş saymaq olar. Çıxış edən millət vəkilləri dəyərli təkliflər verdilər. Qalan təklifləri də, xahiş edirəm, Eldar müəllimə verərsiniz, baxılar, nəzərə alınar. İkinci oxunuşda qanun layihəsinin fəsil-fəsil müzakirəsini keçirəcəyik. Xahiş edirəm, layihəyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 75
Əleyhinə 4
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 82
Yetərsay yoxdur
Yetərsay yoxdur. Xahiş edirəm, bir də münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 94
Əleyhinə 6
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bayramqabağı olduğuna görə qarşıdan gələn günlərdə görüşə bilməyəcəyik. Mən bütün millət vəkillərini, onların ailə üzvlərini, seçiciləri ürəkdən təbrik edirəm, onlara can sağlığı, xoşbəxtlik arzulayıram! Sağ olun.