22.02.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  58

Mill Məclisin  iclas  salonu.
22  fevral  2013-cü  il

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin 
Sədr O.Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

Qeydiyyat  (saat 12.04 dəq.)
İştirak edir 103
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Mübariz Qurbanlı, Fərəc Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Flora Qasımova, İqbal Ağazadə, Siyavuş Novruzov, Elman Məmmədov, Elmira Axundova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.41 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Etibar Hüseynov, Ziyafət Əsgərov, Hikmət Atayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Fazil Mustafa, İlham Məmmədov, Rafael Cəbrayılov, Ceyhun Osmanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.41 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.44 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Respublikasının 2006-ci il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

14. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Bəxtiyar Əliyev, İlham Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

15. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

16. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

22  fevral  2013-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.04 dəq.)
İştirak edir  103
Yetərsay  83

Yetərsay var, çox sağ olun.
Hörmətli millət vəkilləri, Xocalı soyqırımı qurbanlarının 21-ci ildönümü ərəfəsində son iclasımızdır. Ona görə təklif edirəm, Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 12.05 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılsınlar. Mübariz Qurbanlı buyursun.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Bu günlərdə Ermənistanda prezident seçkiləri keçirildi və çox böyük qanun pozuntuları və saxtakarlıq yolu ilə Sərkisyan yenidən prezident seçildi. Ermənistanda keçirilən prezident seçkiləri və oradakı saxtakarlıq, əminəm ki, beynəlxalq təşkilatlarda bizi təmsil edən deputatlarımız tərəfindən istifadə olunacaq. Lakin mən təəssüf edirəm ki, Ermənistanın saxta yolla seçilmiş prezidentini təbrik edənlər sırasında Türkiyə Prezidenti Abdulla Gül də oldu. Mən bundan çox təəssüf hissi keçirirəm, çünki bir atalar sözümüz vardır: “Uman yerdən küsərlər”. Biz Rusiya Prezidentinin Ermənistandakı seçkilərlə əlaqədar təbrikinə hər hansı bir formada etiraz edə bilmirik, çünki bu, bəllidir, Ermənistan Rusiyanın forpostudur. Ancaq həmin seçkilərdən dərhal sonra hesabla 3-cü ölkənin prezidenti olaraq Abdulla Gülün belə bir təbrik göndərməsi bizdə çox təəssüf hissi doğurur. İstərdim ki, Türkiyə ictimaiyyəti də bunu bilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən mətbuatdan oxudum ki, Türk Hava Yolları aviaşirkəti sərnişinlərinə ermənilərin millətçi bir qəzetini pulsuz paylamağı öhdəsinə götürübdür. Həmin qəzet keçən il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə əks-təbliğat qurmaqla məşğul olub və mütəmadi olaraq millətçi xətdən çıxış edir. Mən hesab edirəm ki, bizimlə əməkdaşlıq edən, bizə xidmət eləyən bir şirkət olaraq ona xəbərdarlıq olunmalıdır ki, bu cür məsələlərdən çəkinsin.
Mən Mübariz müəllimin dediyi məsələyə də münasibət bildirmək istəyirəm. Mübariz bəy, mənə elə gəlir ki, şükür eləməliyik. Keçən dəfə Abdulla Gül Sərkisyan üçün stadionda xüsusi kreslo sifariş eləmişdi. Sonra da özəl yeməklər hazırlatmışdı. İndi bir az inkişaf var, yemək-zad göndərməyibdir. Təbii ki, o məsələyə baxılmalıdır və bizim münasibətimiz də ictimai qınaq olmalıdır. Təşkilatlar da münasibətini bildirməlidir. Mən sizin fikrinizi dəstəkləyirəm. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, bu günlərdə Ermənistanda keçirilən seçkilər artıq beynəlxalq təşkilatların özlərinin sınaq prosesinə çevriləcəkdir. Onlar, həqiqətən də, ikili standartlara sahib olduqlarını ortaya qoyacaqlar, çünki Ermənistana tətbiq olunan meyarlar çox hallarda Azərbaycana tətbiq olunmur. O baxımdan mən də o fikirdəyəm ki, bu məsələ ilə bağlı daha ciddi iş aparmağımız lazımdır ki, indidən beynəlxalq təşkilatların mövqelərində dəqiqliyi – Ermənistana münasibətdə obyektivliyi tələb edə bilək.
İkinci, Türkiyə Prezidentinin müraciətini (mən mətbuatda da bunu hiss eləyirəm) Türkiyə əleyhinə bir kampaniyaya çevirmək yanlışdır. Hər bir dövlətin öz siyasəti var. Təbii, biz də arzulamazdıq ki, Ermənistan prezidentini belə tez, dərhal təbrik eləsin, çünki Ermənistan təkcə prezidentdən ibarət deyil. Onun əleyhinə olan insanlardan əgər rəğbət qazanmaq istəyirsə, heç olmasa, onları nəzərə alaraq belə tez addım atmamalı idi. Amma bunu bir kampaniyaya çevirmək, məncə, Türkiyə–Azərbaycan münasibətlərinə ciddi xələl gətirə bilər.
Bildiyiniz kimi, bu il Bakının işğaldan azad olunmasının 95 illiyidir. Eyni zamanda, mən Azərbaycan üçün əhəmiyyətli olan başqa bir tarixi hadisəni də qeyd eləmək istəyirəm. Azərbaycan milli azadlıq hərəkatının lideri olmuş Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyidir. Demirəm, heykəl, ya abidə qoyulsun. Düşünürəm ki, Nuru Paşanın və Əbülfəz Elçibəyin xatirəsini əbədiləşdirmək üçün müəyyən addımlar atmaq vacibdir. Siz Bakının küçələrinə, meydanlarına, müxtəlif yerlərinə baxın. Azərbaycana heç dəxli olmayan, Azərbaycan üçün ciddi bir iş görməyən yüzlərcə adamın adına küçə, prospekt, meydan və sair var ki, açığı, bu, qədirşünaslıq, tarixə sayğı baxımından heç də yaxşı qarşılanmır. Ona görə də mən hesab edirəm ki, bu bir az da hakimiyyətin özünün böyüklüyünü, Azərbaycan cəmiyyətinin tarixinə baxışında obyektivliyini ortaya qoya bilər. Hesab edirəm ki, Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi barədə təkliflərimiz nəzərə alınmalıdır. Eyni zamanda, Əbülfəz Elçibəyin adının da küçə və yaxud məktəbə verilməsi çox düzgün olardı. Bu, cəmiyyətdəki münasibətlərin sağlamlaşması baxımından faydalıdır. Ola bilsin, bu kiminsə xoşuna gəlməyə bilər. Amma hər kəsin Azərbaycan tarixində azacıq da olsa, faydalı rolu olubsa, tarixin həlledici anlarında xalqa xidmət edibsə, bunu nəzərə almağımız ancaq özümüzün böyüklüyümüzə, ucalığımıza gətirib çıxara bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də Fazil bəyin bəzi fikirləri ilə razıyam. Mübariz Qurbanlı çıxış elədi. Həqiqətən, Türkiyənin dövlət başçısı seçkilərə görə təbrik göndərib. Verilən açıqlamaya görə, bu, nəzakət naminə olan bir məsələdir. Mən hesab edirəm ki, Ermənistana nə qədər nəzakət göstərilsə də, onlar bu nəzakətdən başqa cür istifadə edirlər, hələ onun üstünə də gəlirlər. Artıq belə bir məsələni ortalığa atırlar ki, yəqin, Türkiyə üzr istəmək istəyir. Yəni məsələləri başqa cür şişirdirlər. Hesab edirəm, fikrimiz aydındır. Bu məsələ bizi incitdi, ağrıtdı, ancaq bunun üstünə çox getmək lazım deyil. Buna tamam başqa rakursdan baxmaq lazımdır.
O ki qaldı Ermənistandakı seçkilər barəsində söylənilənlərə, həqiqətən, biz bu seçkiləri və beynəlxalq təşkilatların ona verdiyi qiyməti çox diqqətlə izləyirdik. Bir kəlmə də olsun deyilmədi ki, seçki öncəsi namizədlərin birinə sui-qəsd təşkil olundu. Yəqin, o mənada “yaxşı” deyiblər ki, keçən seçkilərdə insanlar qırıldı, bu səfər sui-qəsd oldu, ölmədi. Yəni bunlar nəzərə alınmadı.
Ümumiyyətlə, bilirik ki, Ermənistanda heç 2 milyon əhali yoxdur. Qeydiyyatdan keçən 2 milyon 500 adamın siyahılarını bütün beynəlxalq təşkilatlar təsdiqləyirlər. Amma hamı bilir ki, ildə 150–200 min insan Ermənistandan köçür. Bu sayda seçici orada yoxdur. Bu məsələlərə göz yumdular. Cənab Martines deyir ki, bu, Ermənistanın tarixində keçirilən ən demokratik seçkidir. Biz müstəqil siyasət aparan ölkəyə qarşı onsuz da ikili standartlar gözləyirdik.
Ermənistanda keçirilən seçkilərdən 7 gün keçməyib. Hələ seçkilərin nəticəsi bilinmədiyi halda beynəlxalq təşkilatların ona belə yüksək qiymət verməsi bizi bir az ehtiyatlandırmalı, daha diqqətli eləməlidir. Çünki biz bilirik ki, gələcəkdə bizə bu məsələlərdə problemlər yaradacaqlar.
Gəlin, adi şəkildə baxaq. Dünya problemlər içində batır, dağılır, amma elə bil, dünyanın gözü Azərbaycandadır. Seçki ili olduğu üçün xüsusi şəkildə işləyirlər. Ona görə mən xahiş edirəm, hər məsələdə həm diqqətli olaq, həm də yaxşı hazırlaşaq. Beynəlxalq təşkilatlarla əlaqədar hər sözümüzü ölçək, biçək və çəkinmədən münasibətimizi bildirək. Ona görə xahiş edirəm, çıxışlarımızda bir az diqqətli olaq, çünki həmişə bizi izləyirlər, baxırlar. Baxsınlar. Biz də onlara öz mədəniyyətimizi, üstünlüyümüzü, getdiyimiz yolun doğruluğunu göstərməliyik. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Mən Sizin Türkiyə ilə bağlı narahatlığınızı başa düşürəm. Amma mən Fazil bəyin o fikri ilə razı deyiləm ki, guya Türkiyəyə qarşı Azərbaycanda kampaniya aparırlar və yaxud aparıla bilər. Mən Fazil bəyin çıxışının o hissəsini təqdir eləyirəm ki, bəli, Nuru Paşanın və Əbülfəz Elçibəyin xatirəsi əbədiləşdirilməlidir.
O vaxtlar Osmanlı imperiyasının ən ağır dövrü olsa da, türk qardaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə bizə köməyə gəldilər və azərbaycanlıları soyqırımdan xilas elədilər. İndiki Türkiyə rəhbərliyi də özünü “yeni osmançı” adlandırır, amma onların heç dırnağı da ola bilməz. Bu gün biz açıq formada söyləməliyik ki, Ermənistanın ayaq üstə durmasında iki müsəlman ölkəsinin böyük rolu var. Biri deyir ki, siz bizim təriqət qardaşımızsınız, o biri də bizim qan qardaşlarımızdır, amma Ermənistanı ayaq üstə saxlayan bu iki ölkədir. Burada gizli nə var ki?
Baxın görün, Türkiyə ilə Ermənistanın ticarət dövriyyəsi hansı həddə çatıb. Əvvəl Ermənistandan İstanbula və Ankaraya təyyarələr uçurdu, indi Van şəhərinə də uçuşlar təşkil elədilər. İndi mən bilmirəm, Azərbaycana uçan təyyarələrdə də o qəzeti yayacaqlar, yoxsa yox, bəli, dünən mən də mətbuatdan oxudum, artıq ayın 21-dən Türk Hava Yolları “Aqost” qəzetini öz sərnişinləri arasında yaymağa başlayıb. Bu qəzet antiazərbaycan, antitürk təbliğatı ilə məşğuldur.
Mənim üçün şəxsən Xomeyni də türkdür. Amma o, saqqallıdır, Güllə Ərdoğan saqqalsızdır. Yəni onların fərqi bir bundadır. Bu iki dövlət, çox təəssüf ki, işğalçı dövlətə sanksiya tətbiq olunmalı olduğu halda Ermənistanın tam güclənməsi üçün əllərindən gələni edirlər. Yaxşı, Oqtay müəllim, sual oluna bilər ki, niyə onda Amerika Birləşmiş Ştatları Şimali Koreyaya sanksiya tətbiq eləyir? Qoy onlar da onu şirnikləndirsinlər. Desinlər ki, sərhədləri açaq, əlaqələri genişləndirək. Niyə İrana beynəlxalq hüquqa hörmətsizlik elədiyinə görə sanksiyalar tətbiq eləyirdi? Onda desinlər ki, İranla sərhədləri açaq, onlarla daha yaxşı ticari əlaqələr quraq ki, İran öz iddialarından geri çəkilsin. Deməli, məqsəd başqadır.
Mən hesab edirəm ki, biz İslam Əməkdaşlığı Təşkilatında da bu iki müsəlman respublikası və bizə yaxın olan respublikalarla bağlı məsələ qaldırmalıyıq. İranda 30 milyon azərbaycanlı yaşayır. Biz bunların məsələsini qoymalıyıq ki, yaxşı, siz bütün tədbirlərdə deyirsiniz ki, müsəlman müsəlmana qardaşdır. Belə müsəlmançılıq olar? Abdulla Gül insanların heysiyyatı ilə oynadı, onları aşağıladı. Sərkisyan beynəlxalq təşkilatların tribunasından deyir ki, bəli, Xocalıda o soyqırımın törədilməsində hərbi səhra komandiri kimi şəxsən özüm iştirak eləmişəm, “Şuşanı özüm azad eləmişəm”. Belə olan halda biz niyə onu pisləməməliyik? Niyə hərbi səhra komandirini, cinayətkarı, saxta yolla özünü prezident eləmiş şəxsi Rusiya Prezidenti ilə bərabər Abdulla Gül təbrik eləməlidir? Axı, Rusiya Ermənistan...
Sədrlik edən. Qüdrət müəllim, mən Sizinlə qətiyyən razı deyiləm. Hissiyyata qapılıb belə çıxış eləmək düzgün deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxış elədin, qulaq asdım. Sözünü kəsmədim ki? Mən hesab edirəm ki, bu tamamilə yanlış bir fikirdir. Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqi və bir nömrəli dayaqlarından biridir. Belə sözlər işlətmək heç birimizə yaraşmaz. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də ilk növbədə Ermənistanda keçirilən seçkilərə beynəlxalq təşkilatların münasibətindən bəhs eləmək istəyirəm. Cənab Sədr, bu seçkilərin keçirilməsindən təxminən 10 gün öncə Avropa Birliyi bəyanat vermişdi ki, “Şərq tərəfdaşlığı proqramı”nın gələcəyi bu il hər 3 Cənubi Qafqaz ölkəsində keçirilən seçkilərdən asılıdır. Artıq Ermənistanı bu imtahandan çıxmış elan elədilər. Bu həddən artıq riyakarlıqdır.
Biz, əlbəttə ki, seçkilərin iki aylıq kampaniyasına münasibət bildirmirik. Buna qədərki dövrdə Köçəryanın və Petrosyanın Rusiyaya çağırılması, orada seçkinin əsas qalibinin kim olacağının anladılması, Putinin iradəsinin, onların rəqəmi ilə desək, iki milyon yarım erməninin iradəsindən üstün olduğunun hər kəsə aydın görünməsi fonunda seçki günündən bir gün sonra bu beynəlxalq təşkilatlar müxtəlif konfranslarda seçkilərə qiymət verirdilər. O qiymət, sözün həqiqi mənasında, standart deyildi, riyakarlıq idi.
Qeyd ediblər ki, seçki sülh şəraitində keçib. Başa düşmürəm, namizədlərdən biri reanimasiya xərəyindən seçki kampaniyası aparıb, o biri aclıq elan eləyib. Üçüncü bir şəxs – Qarabağın keçmiş saxta “daxili işlər naziri” bəyan eləyib ki, hətta ölülər də səsvermədə iştirak eləyib. Bu fonda verilən qiymət bundan ibarətdir. Başa düşmədim, müharibə olmalı idi ki, bütün beynəlxalq qurumlar görsün ki, seçki normal, demokratik fikirlərin yarışı deyil, silahların savaşı, silahlı münasibətlərin sonucudur?
Mən düşünürəm ki, o qüvvələr ki sabah Azərbaycana gələcəklər, lupa ilə bizim demokratik standartlara uyğunluğumuzu yoxlayacaqlar, açıq şəkildə o demək olacaq ki, bu, neft-qaz maraqlarına tabe etdirilmiş müşahidədir. Neft-qaz maraqlarını güdən tələbnamələrlə üzərimizə gələcəklər. Onların bizi hansısa standartda, imtahanda yoxlamağa heç bir mənəvi haqları yoxdur.
Düzdür, mən əvvəllər bəyan eləmişdim ki, ATƏT-in müşahidə missiyasını, ümumiyyətlə, bu ölkəyə dəvət eləmək lazım deyil, çünki ATƏT, Minsk qrupu nədirsə, Demokratik Təsisatlar, İnsan Haqları Bürosu da odur. Amerika Birləşmiş Ştatları imkan vermir ki, o müşahidəçilər bir dəfə ora gəlsin. Ölkənin rəhbərliyi var, qərarı onlar verir.
Cənab Sədr, Abdulla Gülün təbrik mesajını protokol jesti kimi qiymətləndirmək olardı, əgər ünvanına çatsaydı, dediyiniz kimi, bir nəticə doğursaydı. Amma bu seçkilər nəticə etibarilə erməni xalqının nifrətini özündə ifadə eləyib. O mənada Abdulla Gül xalqın iradəsini əks etdirməyən bir şəxsi təbrik eləməklə, necə deyərlər, hətta erməni xalqının qəzəbinə gəlib. Bu protokol jesti hətta bu cəhətdən də dostluğa, normal birgə yaşayışa, əminamanlığa xidmət eləməyəcək. Ona görə bu, səhvdir. Amma Türkiyə, türk milləti əleyhinə deyil. Sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Cənab Sədr, mənim yerimə deputat Flora Qasımova danışacaq.
Sədrlik edən. Mikrofon verin.
F.Qasımova. Çox sağ olun. Hörmətli millət vəkilləri, qarşıdan 26 fevral, Xocalı soyqırımının 21-ci ildönümü gəlir. Xalqımız Xocalı soyqırımını həm ölkə daxilində, həm də xaricdə ürək ağrısı ilə qeyd edir. Xocalı soyqırımı öz amansızlığına, əhaliyə qeyri-insani cəza üsullarına, kütləviliyinə görə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən bir vəhşilik aktıdır. Axır ki, bu akt dünya ictimaiyyəti tərəfindən ittiham edilməyə başlayıb və bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımı kimi tanınıb.
Bütün bunlar ölkəmizin xaricdəki diplomatik nümayəndələri, diaspor təşkilatları, Azərbaycanın dostları, xüsusilə Heydər Əliyev Fondunun, onun vitse-prezidenti gənc xanım Leyla Əliyevanın gənclərimizə nümunə ola biləcək təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan uğurlu işlərin nəticəsidir. Fevral ayında Ağ Evin rəsmi internet səhifəsində Xocalı ilə bağlı yerləşdirilən petisiyaya 100 mindən çox səsin verilməsində gənclərimizin fəallığı təqdirəlayiqdir.
Hörmətli Oqtay müəllim, Xocalı qətliamından sonra istintaq komissiyası yaradıldı. İstintaq nəticəsində təkzibolunmaz faktlar və sənədlər əsasında Xocalı soyqırımını həyata keçirən 30-dək mülki və hərbi şəxs haqqında cinayət işi açılmışdır.
Robert Köçəryan, Arkadi Qukasyan, Seyran Ohanyan öz dilləri ilə Xocalıya və Şuşaya hücumları, təşkilatçılığı və icraçılığı ilə fəxr edən hazırkı Ermənistan prezidenti Serj Sərkisyan, “Artsax qəhrəmanı” Ter-Tadevosyan haqqında məhkəmə keçirib qiyabi hökm çıxarmaq olmazmı? Xocalıda əsirlikdən azad olunanlar, təcavüzə məruz qalanlar və şahidlər nə qədər ki sağdır, biz bu istiqamətdə işlərimizi daha da sürətləndirməliyik. 1948-ci il 9 dekabr “Soyqırım cinayətlərinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq Ermənistan Respublikasına qarşı Beynəlxalq Məhkəmədə iddia qaldırmaq olmazmı? Axı, bunun üçün bütün əsaslar var.
Elə bu cəzasızlıqdan istifadə edən Ermənistan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ və ətraf 7 rayonu hələ də işğal altında saxlayır. Bütün beynəlxalq konvensiyaları və qanunları pozaraq işğal altında olan rayonlarda ermənilərin qeyri-qanuni məskunlaşdırılması aparılır. Suriya erməniləri Laçın və Kəlbəcərdə yerləşdirilir. Ağdərə və Kəlbəcərin təbii sərvətlərini vəhşiliklə talan edirlər. Axı, hansı ölkə öz ərazisində işğalçı ordunun yerləşməsinə dözər? Elə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa, Amerikanın öz sərhədi pozularsa və ya bircə metr ərazisi işğal olunarsa, silaha əl atmayacaqlarmı? Bu gün bizi təhdid edən dövlətlər bilmirlərmi ki, ərazisini işğalçılardan azad etmək, öz ərazi bütövlüyünü bərpa etmək hər bir müstəqil dövlətin müstəsna hüququdur?
20 ildir köçkünlərin çəkdiyi əzab-əziyyəti, öz doğma evinə qayıtmaq həsrətini görmək, hər dəfə ekranlarda və fotoşəkillərdə dözülməz səhnələri – Xocalı qətliamında qışın soyuğunda düzlərə səpələnən körpə uşaqların, qadınların, yaşlı insanların cəsədlərini görmək çox ağrılıdır. Biz dünya ölkələrindən yalnız ədalət gözləyirik. Kaş Əkrəm Əylisli bu köçkün insanların yuxusundan yazaydı.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə Türkiyə ilə bağlı mövqeyinizə görə Sizə minnətdarlıq edirəm. Hesab edirəm ki, emosiya ilə deyil, siyasi proseslərə və regionda baş verən hadisələrə doğru-dürüst qiymət verərək bu məsələyə yanaşmaq lazımdır. Siz də bunu ifadə etdiniz.
Nədir, istəyirik ki, regionda yalnız Rusiya qalsın, qapalı bir region yaradaq? Cənubi Qafqazdan bütün dövlətlərin geri çəkilməsini istəyək ki, təkcə Rusiya hegemon dövlət kimi qalıb konfliktləri idarə etsin və istədiyi yeni etnik, milli münaqişələri yaratsın?
Türkiyənin bütün gücü ilə regiona girməsinə dəstək vermək lazımdır. Türkiyə Cənubi Qafqaza girməlidir. Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında balans yaratmağın zamanıdır. Mən bilirəm ki, Türkiyənin ardınca Avropa Birliyi də, Amerika Birləşmiş Ştatları da regiona fərqli şəkildə daxil olacaqlar. Ona görə ki, burada artıq maraqlar toqquşacaq. Amma çox təəssüflər olsun, hər dəfə Türkiyə bu cür təşəbbüslərdə bulunub Cənubi Qafqazda söz sahibi olmağa çalışanda, mövqe ifadə etmək istəyəndə, Azərbaycanda bir qrup “vətənşüvənlər” ortalığa düşürlər, sanki Rusiyanın sifarişini yerinə yetirmək adı ilə qışqır-bağır salırlar ki, “ay qoymayın, Türkiyə regiona girəcək”. Niyə Türkiyə regiona girməsin? Türkiyə–Ermənistan münasibətlərində Türkiyənin hegemon mövqeyə malik olması Azərbaycanın ziyanınadır, yoxsa xeyrinə?
Sərhədlərin açılması məsələsi ilə bağlı da çox zaman burada fikir ifadə edirlər ki, sərhədlər açılsa, onun iqtisadiyyatı dirçələcək. İranla sərhədimiz açıqdır. Hər səhər Astaradan, Yardımlıdan olan adamlar orada pul çuvalı yığırlar? Yaxud da dövriyyədə olan malların miqdarına, alıcılıq qabiliyyətinə baxın. Bütün bunlar diletant yanaşmalardır. Cənubi Qafqazda baş verən hadisələrə professional, doğru, dürüst yanaşma tələb olunur ki, bu da bizim gələcəkdə bir dövlət kimi həm təminatımızı, həm də Cənubi Qafqazdakı yerimizi və rolumuzu müəyyən edir.
Mən digər bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda hər seçki ilində kütləvi informasiya vasitələri, xüsusilə müxalif kütləvi informasiya vasitələri üzərinə məmur və yaxud hakimiyyətə yaxın iş adamlarının hücumları başlayır, onları məhkəməyə verirlər. Bu gün “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ilə əlaqədar kifayət qədər məhkəmə həyata keçirilib və onlar cərimələnib. Mən hakimiyyət orqanlarına müraciət edirəm ki, bu qəzetlərə qarşı olan hücumları dayandırsınlar, məhkəmə ilə kütləvi informasiya vasitələrinin susdurulması presedentinə son qoyulsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də deputat həmkarlarımın fikirlərinə qoşuluram və ilk növbədə onu qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başlayanda Ermənistanla sərhədi birinci bağlayan Türkiyə olub. Bunu yaddan çıxarmaq lazım deyil, Türkiyə bu günə qədər də bəyan edir ki, Azərbaycanın əraziləri işğaldan azad olunmayanadək, Ermənistanla heç bir iqtisadi-siyasi əlaqələr qurulmayacaq. Ona görə hərdən bəzi bəyanatlara münasibət bildirəndə, keçmişi, bu münasibətləri nəzərə almalıyıq.
O ki qaldı Ermənistanda keçirilən seçkilərə, Oqtay müəllim, Siz də, həmkarlarım da qeyd etdiniz, burada məni maraqlandıran beynəlxalq müşahidəçilərin tutduğu mövqedir. Azərbaycanda seçki keçiriləndə ATƏT-in pusquda duran müşahidəçiləri 8 ay müşahidə aparmaqla məşğul idilər. Seçkiöncəsi, seçki prosesi dövrü, sonra, seçki günü bəyanatlar verdilər. Bir bəyanatı da seçkidən sonrakı vəziyyətlə bağlı verdilər. Bu gün həmin müşahidəçilərin ortada bir bəyanatı yoxdur.
Seçki prosesini bütün dünya izləyirdi və bunu ən sönük keçən seçki hesab etdilər. Nə təbliğat-təşviqatın aparılması, nə namizədlərə efir vaxtının verilməsi, nə də digər məsələlər üçün heç bir şərait yaradılmamışdı. Burada qeyd olundu, onlar namizədlərə qarşı sui-qəsdləri, ayrı-ayrı kriminal qrupların bu məsələyə qoşulmasını görmürlər, niyə bununla maraqlanmırlar? Niyə Avropa Şurasında, digər qurumlarda təmsil olunan nümayəndələr bunu görmürlər?
Amerika Birləşmiş Ştatlarının müşahidəçiləri bülletendəki mürəkkəb qurumamış bəyanat verdilər ki, seçki çox yaxşı keçib. Rusiyanın verdiyi bəyanat aydındır, biz bunu başa düşürük, başqa bir formada da ola bilməz. Yaxşı, özlərini demokratik dövlət, demokratik cəmiyyət adlandıranlar bu cür saxtakar seçkini hansı adla bu cür qiymətləndirir və belə bir qərar verirlər? Bizdə seçki gününün səhəri müşahidəçilər yığışıb dərhal bir bəyanat imzalayırlar. Biz bunu görmədik. Bütün Ermənistan əhalisi əlində video ortalıqda durmuşdu ki, biz filan saxtakarlıqları çəkmişik, ATƏT-in nümayəndələri isə qeyd edirlər ki, biz bunları görməmişik, bunun bizə aidiyyəti yoxdur. Çəkib gətirir, göstərir, götür, bax da. Azərbaycana qarşı dünyada baş verən ikili standartlar, bunların hazırlanmış mövqeyi çox aydın görünür. Mən hesab edirəm ki, gələcəkdə bunların hamısını diqqətə almalıyıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Baxanda çox mürəkkəb görünür, amma çox sadə bir prosesdir. Başqa ölkələrin Ermənistandan heç bir iqtisadi tələbləri yoxdur. Burada əsas siyasi tələblərdir ki, Ermənistan kim tərəfə əyiləcək? Aparılan siyasət budur, ona görə onları lazım olan yerdə Şərq də dəstəkləyir, Qərb də.
Azərbaycanla münasibətdə isə məsələ başqa cürdür. Azərbaycan nə sağa gedir, nə də sola, öz yolu ilə gedir. Azərbaycana qarşı böyük iqtisadi maraqlar var. Bizdə hələ seçkilər başlamayıb, amma artıq bütün qəzetlər Azərbaycandan yazırlar. Bunu biz bilməliyik, görməliyik, bu, birinci il deyil, ikinci il deyil, üçüncü il deyil. Aydın məsələdir. Ona görə oradakı seçkiləri Azərbaycanda keçirilən seçkilərə uyğunlaşdırmaq olmaz. Məqsədlər tamamilə fərqlidir. Elman Məmmədov da çıxış eləsin, müzakirəni yekunlaşdıraq. Buyurun.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən ilk öncə Türkiyə Cümhuriyyətinin Prezidenti haqqında deyilən fikirlərə münasibət bildirmək istəyirəm. Hörmətli deputatlar, Abdulla Gül Türkiyə demək deyil. Abdulla Gül gəldi-gedərdi, amma Türkiyə əbədidir. Hörmətli Sədrimiz çox düzgün qeyd elədi, emosiyalara qapılıb müəyyən fikirləri mikrofondan səsləndirməyi o qədər düzgün hesab eləmirəm. Bir şeyi bilməliyik ki, bu dünyada Azərbaycanın yanında dayanan yeganə qürur duymalı qüvvə varsa, o da Türkiyədir. Belə məsələlərdə İranla Türkiyənin mövqeyini eyniləşdirmək düzgün deyil. Böyük mənada dövlətlərin özlərinə məxsus siyasətləri var. Bizim buna hər an münasibət bildirməyimiz o qədər də düzgün deyil.
Hörmətli cənab Sədr, Azərbaycan dövləti, hökuməti son illər Xocalı soyqırımı və Dağlıq Qarabağ məsələsi ilə bağlı çox yüksək səviyyədə işlər aparır. Cənab Prezidentimizin, Heydər Əliyev Fondunun, Milli Məclisin, Xarici İşlər Nazirliyinin, xaricdə olan səfirliklərimizin, diasporların, qeyri-hökumət təşkilatlarının apardığı birgə iş bugünkü nəticələri verir. Cənab Sədr, mən bir dəfə də bu fikri səsləndirmişəm. Azərbaycana xaricdən çoxsaylı nümayəndələr gəlir, müxtəlif səviyyələrdə rəsmi səfərlər olur. Mən xahiş edərdim, Xocalı soyqırımına həsr olunmuş abidənin ziyarəti rəsmi görüş protokollarına salınsın. Necə ki Fəxri xiyaban, Şəhidlər xiyabanı, digər müqəddəs yerlərimiz ziyarət olunur, Xocalı soyqırımı abidəsi də Azərbaycana səfərə gələn xarici nümayəndələr tərəfindən ziyarət olunsun. Çünki artıq Xocalı soyqırımı dünyanın bir neçə ölkəsində, Amerika kimi böyük bir dövlətin iki ştatında və bir çox böyük beynəlxalq təşkilatlar tərəfindən tanınır, etiraf olunur. Məncə, bu abidənin artıq rəsmi ziyarətgah yerinə çevrilməsinin vaxtı çoxdan çatıb. Çox sağ olun.
Sədrlik edən. Amerikanın iki ştatında yox, altı ştatında artıq bu məsələ qəbul olunub. 120 mindən çox imza verilib və artıq sayta qoyulub. Amerika Birləşmiş Ştatlarının Prezidenti rəy bildirməlidir. Bir çox ölkələrdə, Rumıniyada, Çexiyada, – hamısını sadalamaq istəmirəm, – bu işlər gedir. İşlər müəyyən mərhələyə çatandan sonra bu məsələlərə qayıtmaq olar. Elmira xanım, axı, mən dedim ki, yekunlaşdırırıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
E.Axundova. Mən də Xocalı faciəsi haqqında iki-üç kəlmə demək istəyirəm. Bu günlərdə auditoriya qarşısında çıxış edərkən bir qrup azərbaycanlı döyüşçünün Xocalı şəhərinin müdafiəsində göstərdikləri qəhrəmanlıqlar haqqında faktları dedim. Polis mayoru Əlif Hacıyevin rəhbərliyi altında OMON bölmələri həmin gün hava limanına cəsarətlə...
Yerdən. O vaxt OMON olmayıb. Aeroport milisi olub.
E.Axundova. Bəli, Əlif Hacıyev, Tofiq Hüseynov qəhrəmanlıqla döyüşüblər və onlar Milli Qəhrəman adı alıblar. Yəqin, Elman müəllim də belə misalları çox gətirə bilər. Milli qəhrəmanlarımız şəhər uğrunda mərdliklə döyüşüblər. Mən gənclərdən soruşdum ki, bu adları bilən varmı. Heç kəs cavab verə bilmədi. Bu çox acınacaqlı haldır. Biz Qarabağ müharibəsi, Xocalı faciəsi haqqında kitablar yazırıq, gözəl məqalələr meydana çıxır, amma təəssüf ki, gənclər onları oxumurlar. Həm də bu kitablar məhdud tirajla buraxılır. Məktəb və tələbə kitabxanalarının hamısına bu kitablar çatmır.
Mən demək istəyirəm ki, bizim uşaqlarımız, gənclərimiz bunları bilməlidirlər. Milli qəhrəmanları tanımalı, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli və həmin insanlara bənzəməyə çalışmalıdırlar. Mən bu tribunadan Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara müraciət edərək çox xahiş edirəm ki, “XX əsr Qarabağ müharibəsi tarixi” adlı mövzunu orta məktəbin tədris proqramına daxil etsinlər. Mütəmadi olaraq keçmiş döyüşçülər, milli qəhrəmanlar, şəhid olmuş hərbçilərin valideynləri dəvət olunsunlar, o vaxtkı döyüşçülərin mərdliyi və qəhrəmanlığı haqqında danışılsın. Qoy bizim uşaqlarımız anlasınlar ki, biz qəhrəman millətik, doğma torpaqlarımız uğrunda ləyaqətlə döyüşə və həlak ola bilərik. Bütün Xocalı soyqırımı qurbanları haqqında isə deyirəm: “Ruhunuz şad olsun, sizin tökülən qanlarınız, çəkdiyiniz əzab-əziyyət xalqımızın yaddaşından heç vaxt silinməyəcək və qisasınız da mütləq alınacaqdır!” Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişikliklər edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu qanun layihəsi, hesab edirəm, çox vacib və əhəmiyyətli bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis bütün dünya ilə əlaqələrin genişləndirilməsi istiqamətində çox məntiqli və ardıcıl bir iş aparır. Misal üçün, bizim Avropa ölkələri ilə münasibətlərimiz o səviyyədədir ki, diplomatik və xidməti pasportların sahibləri 30-a yaxın ölkəyə problemsiz, vizasız gediş-gəliş məsələlərini həll edə bilirlər. Bu özü Azərbaycanın Avropada, dünyanın başqa yerlərində nüfuzundan xəbər verir.
Bu gün Milli Məclis tərəfindən qəbul olunmuş sazişə dəyişiklik etmək niyyətindəyik. Bu bizim üçün çox vacib və əhəmiyyətli bir sənəddir. Ona görə ki, Azərbaycan hökuməti artıq Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik pasportlara malik olan şəxslərin vizasız gediş-gəliş məsələsini bu zalda müzakirə edib müsbət həll etmişdi. Yəqin ki, diplomatik pasportların sahibləri artıq bu imtiyazdan istifadə ediblər. Bu gün bu sazişlə həm Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına, həm də Azərbaycan Respublikasının vətəndaşlarına (xidməti və xüsusi pasportlara malik olan insanlar üçün) yeni, yüksək səviyyəli xidmət göstərmək istiqamətində bir addım atılır. Yəni biz bu sazişə öz müsbət münasibətimizi bildirsək, diplomatik və xidməti pasportların sahiblərinin problemsiz, yəni vizasız Birləşmiş Ərəb Əmirliklərinə gediş-gəliş məsələsi həll olunur.
Birləşmiş Ərəb Əmirliklərində “xidməti pasport” yox, “xüsusi pasport” anlayışı var. Qanun layihəsində “xüsusi pasport” anlayışını görsəniz, təəccüblənməyin. Onlarda bu, xidməti pasportla eyni hüquqa malik olan bir sənəd kimi qiymətləndirilir. Hesab edirəm ki, belə bir sənədin qəbul olunması çox vacib və əhəmiyyətlidir. Bu, növbəti ölkə ilə əlaqələrimizin yeni bir mərhələyə yüksəlməsidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.41 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 6 fevral tarixli 1/43 saylı məktubu ilə Ankara şəhərində 2011-ci il 24 dekabr tarixində imzalanmış “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu” təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilmişdir. Anlaşma Memorandumu həm Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində, həm də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində baxılmış və Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilmişdir.
Yadınızdadırsa, biz 2011-ci il 25 oktyabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişi müzakirə etmişdik və müvafiq qanunla bərabər bunu təsdiq etmişdik.
Bu gün sizə təqdim olunan Anlaşma Memorandumu bu layihə ilə əlaqədar sazişlər paketinin bir hissəsidir. Bu cür nəhəng bir layihəni bir, iki sazişlə əhatə etmək mümkün deyil. Əmin ola bilərsiniz ki, bu sazişdən öncə imzalanmış sənədlərlə bərabər, bundan sonra da tədqiqat işləri aparılacaqdır. Bu, layihələrin maliyyələşdirilməsi, inşası, inşadan sonra idarəetməyə aid olan məsələlər yeni-yeni sazişlərlə, anlaşmalarla əhatə olunacaqdır. Bu sazişlərin, anlaşmaların, protokolların eyni hüquqi qüvvədə, eyni statusda olması üçün, əlbəttə ki, imza edilmiş hər hansı bir sənəd bura çatdırılmalıdır. Eyni statusa malik olmaq üçün onlar burada müzakirə olunub, təsdiq edilməlidir. Bu nöqteyi-nəzərdən də bu anlaşma təqdim olunubdur.
Yəqin, baxmısınız, bu anlaşmadan öncə müzakirə etdiyimiz sazişə faktiki olaraq qısa bir dəyişiklikdən başqa yeni bir şey əlavə edilməyibdir. Ancaq önəmlisi ondan ibarətdir ki, iki dövlət bu anlaşma ilə müstəqil boru kəməri layihəsinin inşasına üstünlük verməyə razılaşır. Yəni iki dövlət təsdiq edir ki, bu, iki dövlət üçün prioritet layihə olacaqdır.
Bundan başqa, Dövlət Neft Şirkətinə xüsusi səlahiyyətlər verilib. Bu layihəyə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti rəhbərlik edəcək. Dövlət Neft Şirkətinin 80 faiz iştirak payı olacaqdır. Onların bu payın müəyyən hissəsini hər hansı bir xarici şirkətə dövr etməyə səlahiyyətləri, ixtiyarları olacaq və bu işə heç kim qarışa bilməz. Əlbəttə, bu şərtlə ki, bu haqda Türkiyə Respublikasının Hökuməti məlumatlandırılacaq. Vaxtınızı almaq istəmirəm, oxumusunuz, hər şey aydındır. Bir də ki, bu məsələni biz geniş şəkildə müzakirə etmişik. Əminəm ki, səs verəcəksiniz. Qabaqcadan minnətdarlığımı bildirirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun. İki nəfər yazılıb. Sazişə əlavələr etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Bu saziş imzalananda bizim partiya ilk olaraq bəyanat verib bunu dəstəkləyənlərdən, alqışlayanlardan biri olub. Biz o zaman Türkiyəyə edilmiş güzəştləri də başa düşdüyümüzü bəyan etmişik və hesab etmişik ki, qardaş respublika üçün belə güzəştlər olmalıdır. Amma Moskvada sığınacaq tapmış Mütəllibovun gənc fəallarından biri olmuş şəxs bu gün elə çıxış etdi ki, guya biz Türkiyəni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyirik. Əlbəttə, bu gün deyə bilər ki, 30 yaşında gənc olmuşam, o vaxt başa düşməmişəm, yaxud məni kimsə ora məqsədyönlü şəkildə göndərib və sair. Amma bu heç nəyi dəyişmir. Bu həmin şəxsin tərcümeyi-halıdır. Ona görə də belə təxribatçı çıxışlara bizim parlamentdə yer olmamalıdır. Mən hesab edirəm ki, biz hamılıqla bu sazişə səs verməliyik, Türkiyə bizim qardaşımızdır. Amma deyirlər ki, uman yerdən küsərlər, Türkiyə rəhbərliyinin yeritdiyi yanlış siyasətə də öz etirazımızı bildirməyə haqqımız var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Etirazını bir dəfə bildirdin, sənə də cavab verildi. İndi Milli Məclisin gündəliyini kənara qoyub, debatlar keçirək? Sözünüz var idi, danışdınız, dediniz. Xahiş edirəm, Siz də bu məsələdə diqqətli olun. Fərəc Quliyev, söz istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər məsələyə aiddirsə, buyurun, yoxsa çıxışınızı kəsəcəyəm.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Burada 1.3-cü maddədə bir məsələ var: “Səhmdarların yekun strukturu layihə üzrə konsorsiumun yaradılması zamanı müəyyən ediləcəkdir. Layihə üzrə konsorsiumda hər hansı yeni iştirakçıya verilən pay ARDNŞ-nin yuxarıdakı 1.2-ci bəndində göstərilən iştirak payından çıxılacaqdır”. Mən istəyirəm, Valeh müəllimdən soruşum ki, bu hansı həddə qədər ola bilər? Yəni bu paydan hansı həddə qədər verilə bilər. İstərdim, bu məsələyə aydınlıq gətirilsin.
Bir də, 1.4-də mən təqdir etdiyim bir bənd var. Yeni üzvlər tərəflərin milli maraqlarına təhlükə yaratdıqları halda tərəflər yeni üzvlərin layihə üzrə konsorsiuma daxil olmasına dair rədd cavabı verə bilərlər. Bu çox təqdir olunmalı bir haldır. Mən arzu edirəm ki, bütün müqavilələrdə bu şərtlər qoyulsun. Təbii ki, bizim iqtisadi məsələlərimizdən siyasi ritorika üçün istifadə olunmalıdır. Bundan sonra da istənilən bir dövlətin rəhbərliyi, – kim olursa-olsun, – istənilən bir dövlətin şirkəti başımızın üzərindən Qarabağdakı separatçılarla iş görəcəksə, Azərbaycan maraqlarına zidd bəyanat verəcəksə, biz milli maraqlarımızı əsas götürüb bütün iqtisadi müqavilələrə bu cür bənd salmalıyıq. Mən bu bəndi təqdir edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Birincisi, Qüdrət müəllimin hansı isə şəxsə dediyi sözlər, yəqin ki, mənə aid deyil. İkincisi, heç kim heç kimə nə bu anlaşmada, nə də bundan öncəki anlaşmada heç bir güzəştə getməyibdir. Heç bir anlaşmada “güzəşt” sözü işlənilə bilməz. Şirkətlərə qarşı “güzəşt” ola bilər, o da iki dövlətin razılığı ilə mümkündür. Əgər saziş imzalanıbsa, deməli, iki tərəfin də marağına uyğun şəkildədir. Belə olmazsa, saziş imzalanmır. Ona görə də xahiş edirəm, “kim kimə güzəştə getdi” ifadəsini ortaya atmayın, bunu işlətməyin. Heç kim heç kimə güzəştə getməyibdir.
Siz qaldırdığınız məsələ ilə bağlı deyim ki, Dövlət Neft Şirkətinin bu layihədə 80 faiz iştirak payı var. Dövlət Neft Şirkəti özü qərar verəcək ki, bu 80 faiz iştirak payından ticari şərtlərlə kiməsə müəyyən hissəni dövr etmək istəyəcək, yoxsa yox. Dövlət Neft Şirkəti belə bir qərar versə, bunu edə bilər. Əminəm ki, hər hansı başqa bir şirkət bu layihənin maliyyələşdirilməsinə, inşasına, idarə olunmasına bir üstünlüklər gətirə bilərsə, bəhrə verərsə, onda cəlb olunacaqdır. Başqa şəkildə, başqa şəraitdə Dövlət Neft Şirkəti bunu heç kimə dövr etmək məcburiyyətində deyil. Bir şey qazansaq, verə bilər.
Dediyiniz digər məsələ də nəzərə alınacaqdır. Əmin olun ki, neftlə, qazla, boru kəmərləri ilə əlaqədar bütün sazişlərdə Azərbaycan Respublikasının maraqlarına uyğun olmayan hər hansı bir addım atıla bilməz. Bu, mümkün deyil, Azərbaycanın maraqları hər şeydən üstündür. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 12.52 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barəsindədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Haqqında danışdığımız saziş Azərbaycan Respublikasına və Argentina Respublikasına öz milli qanunvericiliklərini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq, vergi qanunvericiliyinin pozulmasının qarşısının alınmasına, aşkar edilməsinə və aradan qaldırılmasına dair məsələlərin səmərəli həllində köməklik edəcəkdir. Bilirsiniz ki, son vaxtlar Argentina Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq imkanları genişlənir və şübhəsiz, bu qanun layihəsi də həmin əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 12.54 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Şəmsəddin müəllim.
 
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətlı millət vəkilləri! Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkə rəhbərinin, Prezidentin imzası ilə Milli Məclisin müzakirəsinə təqdim edilən qanun layihəsi “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsini nəzərdə tutur. Bu saziş 2012-ci ilin noyabr ayında hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində imzalanıb və göstərilən sahələr üzrə geniş əməkdaşlığı nəzərdə tutur.
İlk öncə nəzərinizə çatdırmaq istərdim ki, burada iki ölkə arasında mədəniyyət siyasəti ilə bağlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, hər iki ölkənin muzeyləri, kitabxanaları, arxivləri, mədəni irs institutları və teatrları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, akademik əməkdaşlıq çərçivəsində birgə elmi konfransların, simpoziumların keçirilməsi, tələbə, müəllim, tədqiqatçı və alimlərin mübadiləsi nəzərdə tutulur.
Sazişin mühüm maddələrindən biri də ölkələr arasında mədəni irsin qorunması, tarixi və mədəniyyət abidələrinin bərpası sahəsində əməkdaşlıqla bağlıdır. Burada, eyni zamanda, beynəlxalq musiqi, incəsənət, teatr və film festivallarında, incəsənət sərgilərində qarşılıqlı iştirakın təşviq edilməsi məsələsi qeyd olunmuşdur.
Sazişdə təhsil qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə təcrübənin, məlumat bankının yaradılması və mübadiləsi, eyni zamanda, elmi dərəcələrin, elmi adların qarşılıqlı surətdə tanınması ilə bağlı müəyyən məsələlərin həll edilməsi də nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, saziş 5 il müddətinə imzalanıb və bu sazişin həyata keçirilməsi üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulub. Bu qanun layihəsi Elm və təhsil komitəsində müzakirə edilmiş, bir səslə qəbul olunmuş və Milli Məclisin müzakirəsinə təqdim edilmək üçün tövsiyə olunmuşdur. Xahiş edirəm ki, qanun layihəsini dəstəkləyəsiniz və lehinə səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 12.57 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, özəl tibbi fəaliyyətin həyata keçirilməsi və bu fəaliyyətin lisenziyalaşdırılması əhalinin sağlamlığının qorunması ilə bağlı əsas məqsədlərindən biridir. Hazırda İnzibati Xətalar Məcəlləsində xüsusi razılıq olmadan özəl tibbi fəaliyyət ilə məşğul olmağa görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulmuşdur.
Cənab Prezident tərəfindən təqdim edilən qanun layihəsində bu sanksiyanın kifayət qədər artırılması təklif olunur. Hesab edirəm ki, bu, əsaslıdır, çünki lisenziya olmadan özəl tibbi fəaliyyət ilə məşğul olmaq, əlbəttə, əhalinin sağlamlığına birbaşa təsir edən məsələdir.
Təklif edilən sanksiyalar kifayət qədər ciddidir, fiziki şəxslər üçün iki min manatdan üç min manatadək, vəzifəli şəxslər üçün beş min manatdan on min manatadək, bu qanunu pozan hüquqi şəxslər üçün iyirmi min manatdan otuz min manatadək cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu cərimə sanksiyaları həmin xətanın əhalinin sağlamlığına vura biləcək zərərinə adekvatdır, eyni zamanda da, son zamanlar İnzibati Xətalar Məcəlləsində sanksiyaların artırılması ilə bağlı həyata keçirdiyimiz siyasətə uyğundur. Ona görə də millət vəkillərindən İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinin sanksiyasına təklif olunan bu dəyişikliyi dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bu barədə fikir bildirmək istəyirəm. Biz hər gün səhər-səhər televiziyanı açanda bütün kanallarda yalnız özəl tibb müəssisələrinin reklamı verilir. Baxmayaraq ki, lisenziyası olan da var, olmayan da. Ölkəmizə xaricdən çox sayda həkimlər gəlirlər. Məlum deyil, onlar hansı həkimlərdir? Sizə bir misal deyim, Almaniyada cərrahlara 60 yaşından sonra əməliyyat aparmağa icazə verilmir. Oradakı cərrahlar 60 yaşdan sonra digər ölkələrə gəlib cərrahlıq edib qayıdırlar. Bir çox ölkələrdə bəzi təşkilatların, müəssisələrin lisenziyaları bağlanmış olur. Bu cür həkimlərin əksəriyyəti Bakıya gəlib çıxır. Biz öz millətimizdən, xalqımızdan bezməmişik. Həmin məsələnin kökündə bu da var. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən qısa danışmaq istəyirəm. Qanun layihəsini dəstəkləyirəm və çox müsbət qiymətləndirirəm. Bizdə son vaxtlar QHT-lərə, dini qurumlara və başqa sahələrə aid cərimələr artırıldı. Məncə, daha çox bu cür sahələrə diqqəti artırmaq lazımdır, çünki əhalinin sağlamlığı ilə bağlı problemlərə, ciddi məsələlərə güclü nəzarət olmalıdır.
Amma unutmamalıyıq ki, lisenziyanın alınması elə-belə adi məsələ deyil. Burada olan qeyri-rəsmi qiymətləri hər kəs çox yaxşı bilir. Yəni ona görə də ölkədə səhiyyə sistemi ilə bağlı köklü islahatlara ehtiyac var. Mən bunu televiziyada da dedim. Akademiyanın prezidenti, ürək xəstəliyindən əziyyət çəkən adam xəstələnir və onu təyyarəyə oturdub Türkiyəyə aparırlar. Bəs səhiyyə islahatı adı ilə bu qədər vəsait haraya xərclənib?
Oqtay müəllim çox doğru qeyd etdi ki, hansı televiziya kanalını açırsan, özəl tibb müəssisələrinin reklamı gedir. Dövlət tibb müəssisələrinin hansı reklamı aparılsın?! Xidmətin səviyyəsini hamı bilir. Siyahıda olan dərmanların böyük əksəriyyətini həmin xəstəxanalarda tapmaq olmur. Apteklərə hansı formada icazə alınır, lisenziya verilir, dərmanların gətirilməsinə hansı formada qiymətlər qoyulur? Bunların hamısı bəllidir. Başqa sahələrdə də bizi tez-tez ermənilərlə müqayisə edirlər. Ancaq onlar araqdan, konyakdan, spirtdən pul qazanırlar, bizimkilər isə insan sağlamlığından. Ona görə də, məncə, lisenziyanın verilməsi məsələsində qayda-qanun yaratmaq lazımdır. Artıq özümüzü aldatmayaq, heç olmasa, əhalinin sağlamlığı ilə bağlı məsələlərdə müəyyən irəliləyiş əldə edə bilək. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Burada bəzi həmkarlarımız da qeyd etdilər, mən də həmin məsələyə münasibət bildirmək istəyirəm. Müzakirə edilən qanun layihəsində lisenziyası olmadan fəaliyyət göstərən klinikaların cərimələri artırılır. Bu, təbii ki, yaxşı haldır. Ancaq lisenziyası olan klinikalar da var ki, onların fəaliyyəti daha təhlükəli xarakter daşıyır.
Bir balaca haşiyəyə çıxmaq istəyirəm – Azərbaycanda Mətbuat Şurası var. Bu şuranın fəaliyyəti, əsasən, yazılı mətbuatdan daxil olan şikayətlərə baxmaq, o cümlədən reket qəzetlərin fəaliyyətini araşdırmaq, ifşa etmək və mətbuatda onların siyahısını çap etməkdən ibarətdir. Son günlər “reket jurnalistikası” ifadəsi o qədər hallanıb ki, “reket” deyəndə ilk növbədə insanın gözünün qabağına jurnalist gəlir. Sanki bu məmləkətdə reketçiliklə, rüşvətxorluqla ancaq jurnalistlər məşğul olurlar.
Elə sahələr də var ki, burada nəinki reketçilik, açıq-aydın killerliklə məşğul olurlar və insan taleyi, həyatı ilə oynayırlar, ancaq bunlara heç kəs gözün üstündə qaşın var demir. Hamımız bilirik ki, reket jurnalistlər bu həyatda, jurnalistikada özlərini tapmayan insanlardır. Onlar qəzet açıb, qeydiyyatdan keçib rayonlara gedirlər. Əvvəllər icra başçısının, polis rəisinin yanına gedirdilərsə, indi uşaq bağçası, məktəb direktorları, bələdiyyələrin üstünə gedirlər. 10–50 manat verirlər, ya vermirlər, nəticədə buna görə onları tutdururlar, ifşa edirlər və sair. Yəni ortada belə bir kriminal hadisə, faciə olmur, 50–100 manatın söhbəti olur. Ancaq səhiyyə sistemində elə özəl klinikalar fəaliyyət göstərir ki, onlar insanların həyatı ilə oynayırlar, onlar reketçiliklə, killerliklə məşğul olurlar, ancaq bir dəfə də olsun, adları çəkilmir.
Bayaq Oqtay müəllim də qeyd etdi, bu klinikalar Azərbaycanın televiziya məkanını zəbt ediblər. Bütün populyar, baxımlı verilişlərə sponsorluq edirlər. Bir çox klinikaların reklamlarında, əsasən də, baş həkimlər danışırlar, adamın əti tökülür. Şivə, ləhcə ilə, primitiv şəkildə danışırlar. Fikirləşirsən ki, bunun rəhbəri belədirsə, gör işçiləri necədir? “Nərgiz” klinikası var, adını çəkmək olar, çünki reklama ehtiyacı yoxdur, bütün televiziya məkanının reklamlarını tutub, əvvəl qoca qadın, indi isə qızı da danışır. Ləhcə ilə dərmana “dərmən” deyir, əli ilə insan anatomiyasının çertyojunu çəkir, qələmlə göstərir ki, daş burada əmələ gəlir: “mənim dərmənlərimi içəndən sonra buradan düşür”. Bir Hindistan klinikası var. Ər-arvad gecə-gündüz danışırlar ki, biz Azərbaycanda sonsuzluğa son qoymağa gəlmişik, bizə müraciət edin və uşağınız olsun. Ancaq mən şəxsən eşitməmişəm, mətbuatda da oxumamışam ki, kimsə həmin klinikaya gedib uşağı olub.
Azərbaycanda, Bakıda kifayət qədər müasir avadanlıqla təmin olunmuş, peşəkar fəaliyyət göstərən klinikalar var. Onlar heç vaxt reklam etmirlər və baxmayaraq ki, qiymətləri bahadır, nə vaxt gedirsən, kifayət qədər müştəriləri olur. Lisenziya almış klinikalara belə bu qədər meydan verilməsi, insanların həyatlarının onlara etibar edilməsi qəbulolunmazdır.
Mən bayaq nəyə görə Mətbuat Şurasını misal çəkdim?! Nəyə görə bizdə səhiyyə şurası da yaradılmır?! Əgər belə bir şura yaradılsa, lisenziyalı, lisenziyasız klinikalar təftiş edilər, burada işləyən personalın kimliyi araşdırılar. Bayaq Oqtay müəllim də qeyd etdi ki, bunların stajları, qabiliyyətləri çatmır, insan həyatı ilə oynayırlar, alver edirlər. Buna görə çox istərdim ki, bizdə Mətbuat Şurası ilə bərabər bir səhiyyə şurası, yaxud reklam şurası da fəaliyyət göstərsin ki, dərman preparatlarının satışına, reklamına nəzarət olunsun. Azərbaycan və Rusiyadan başqa dünyanın heç bir yerində dərman preparatları efirdə reklam olunmur. Bu da təbiidir, çünki o yerdə ki insan sağlamlığına, insan amilinə qiymət verilir, orada belə hallara yol verilmir. İnsanlar peşəkar həkimin tövsiyə etdiyi dərmanları almalıdırlar. Ancaq çox təəssüf, bizdə dərmanlar o qədər yüksək səviyyədə reklam olunur ki, bir çox səbəblərdən ürəyi, başı, mədəsi ağrıyan insanlar həkimlə məsləhətləşib, araşdırıb özlərinə uyğun dərmanı yox, televiziyadan beyinlərinə həkk olunmuş, aşılanmış dərmanı alırlar. Bir çox hallarda da bu, insanların sağlamlıqlarını itirməsinə səbəb olur. Bəzən ölümlə nəticələnən hallar da baş verir ki, biz bunu mətbuatdan eşidirik, oxuyuruq. Ona görə çox istərdim ki, gələcəkdə mənim bu təklifim nəzərə alınsın. Yəni Azərbaycanda səhiyyə şurası yaradılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Etibar müəllim, Sizin dediyiniz məsələ ilə bağlı növbəti qanun layihəsi müzakirə ediləcək. “Reklam haqqında” Qanuna düzəliş etmişik, bu, həmin məsələlərin qarşısının alınmasına yönəlib. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Təklif olunan dəyişikliyə, sözsüz ki, səs verəcəyəm. Etiraf edirəm ki, belə bir ehtiyac var. Ancaq bir fikir söyləmək istərdim. Dövlət səhiyyəsindən əlavə, səhiyyə müəssisələrində yaranan problemlər, sözsüz ki, həmin problemləri yaradan müəssisələrə hansısa sanksiyalar tətbiq etməklə də həll oluna bilər. Ancaq bunun üçün hesab edirəm ki, səhiyyə sisteminin səviyyəsini artırmaq lazımdır. Mən bundan əvvəl də çıxışlarımda qeyd etmişəm və yenə də deyirəm ki, dövlət səhiyyə sistemində səhiyyə xidmətinin səviyyəsini artırmaq üçün bu sistemdə çalışan işçilərin əmək haqları artırılmalıdır. Belə bir artım olsa, onların iş qabiliyyəti, iş keyfiyyəti artacaqdır. İnandırım sizi, onda özəl səhiyyə müəssisələrinə müraciət edənlərin sayı da azalacaqdır və belə problemlər artıq öz-özünə həll olunacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 13.10 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məsələ çox aktualdır. Kifayət qədər də müzakirə olundu. Cənab Prezident tərəfindən təqdim edilmiş qanun layihəsində ölkədə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dərman vasitələrinin reklamında müvafiq qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə 3.1-ci bənd əlavə edilməsi nəzərdə tutulur: “Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir”.
Komitənin üzvləri hesab edirlər ki, bu dəyişiklik bayaq sadalanan özbaşınalıqlara, qanun pozuntularına, əhalinin sağlamlığına zərər vuran maddələrin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyən deputat həmkarlarımız var. Fazil Mustafa.
F.Mustafa. Ziyafət müəllim, bu qanun layihəsini dəstəkləyirəm, Qısaca bir məsələyə diqqət yetirmək istəyirəm. Burada Etibar müəllim də, digər həmkarlarımız da keyfiyyətli xidmətlə bağlı fikirlər səsləndirdilər. Vətəndaşın sağlamlığına təsir edən məsələlərdən biri həkimlərin hətta apteklərlə sövdələşərək lazım olmayan, əlavə dərman preparatlarını vətəndaşlara yazmasıdır. Bununla bağlı məsuliyyətin artırılması üzərində düşünmək keyfiyyətli xidmətə daha çox fayda verə bilər.
Səhiyyə Nazirliyində bir şura yaradılmalıdır və ya hər hansı bir model düşünülməlidir ki, vətəndaş yazılan reseptdən şübhələnirsə, bunu həmin şuraya təqdim etsin və burada dərmanlar araşdırılsın. Dərmanın ikisi faydalıdırsa, əgər həkim 10 dərman yazıbsa, deməli, səkkizinin pulunu hər hansı bir şəkildə mənimsəmək üçün yazıb. Bunun adı dələduzluqdur, vətəndaşın etibarından sui-istifadə etmək, peşə borcunu layiqincə yerinə yetirməməkdir. Ona görə burada qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt xüsusi resept olmadan buraxılan dərmanlarla yanaşı, reseptdə olan dərmanların törətdiyi təhlükə barədə də düşünməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! “Reklam haqqında” Qanuna cənab Prezident tərəfindən təklif olunan dəyişikliyi Sosial siyasət komitəsində müzakirə zamanı dəstəklədik, fikirlərimizi bildirdik. Nəzərinizə çatdırım ki, həmin müzakirələr komitədə də çox qızğın şəkildə keçdi.
Bu gün ölkənin ümumi daxili məhsulunun 80 faizini təşkil edən sahibkarlıq subyektləri üçün hər cür şərait yaradılıb. Özəl fəaliyyət göstərən tibb müəssisələri də bundan yararlanaraq öz işlərini insanların sağlamlıqlarının qorunması istiqamətində yüksək səviyyədə qururlar. Bu, xüsusi razılıq, lisenziya tələb edən xidmət növüdür. Həmin lisenziyanın verilməsi müvafiq icra hakimiyyəti, Səhiyyə Nazirliyi tərəfindən yüksək şəffaflıqla həyata keçirilir. Lazımi tələblərə əməl edən müəssisələr kiçik çatışmazlıqlar olsa belə, bunları qısa zamanda aradan qaldıraraq lisenziya alırlar.
Burada beynəlxalq səviyyədə xidmət göstərən, yüksək cərrahi əməliyyatların həyata keçirildiyi tibbin son nailiyyətlərindən yararlanan çox yüksək səviyyəli özəl tibb müəssisələri, böyük klinikalar var. Ancaq bu müəssisələr lisenziyanı alandan sonra gəlir əldə etmək üçün öz leksikonlarında tibbi terminləri təhrif edərək hətta həkim etikasına zidd olan, həkim sirri sayıla bilən halların reklamı ilə insanları çaşdırmağa çalışırlar. Mən nə təklif edirəm? İlk növbədə bu dəyişiklik, hesab edirəm ki, daha imperativ şəkildə olmalıdır və müvafiq icra hakimiyyəti orqanlarının istər özəl tibbi fəaliyyət, istərsə də dərman vasitələrinin reklamı haqqında məsələyə daha ciddi şəkildə yanaşmaları Milli Məclis tərəfindən tələb edilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Mən bu qanunda edilən dəyişikliyə səs verəcəyəm. Doğrudan da, efir məkanında özəl klinikalarla bağlı bərbad vəziyyət mövcuddur. Yeri gəlmişkən, bunu demək istəyirəm ki, “Reklam haqqında” Qanuna görə dərman vasitələrinin reklam edilməsi qadağandır. Həmin bu müddəa “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda, habelə İnzibati Xətalar Məcəlləsinin 168-4-cü maddəsində də nəzərdə tutulub. Amma əfsuslar olsun ki, efir məkanında dərman vasitələri gen-bol reklam edilir. Bəzən bunu bioəlavə də adlandırırlar, amma bir sıra reklam çarxları var ki, birbaşa dərman vasitələri reklam olunur.
Yeri gəlmişkən, demək istəyirəm ki, efir məkanında “Reklam haqqında” Qanunun tələbləri çox kobud şəkildə pozulur. Bildiyiniz kimi, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa görə efir vaxtının hər saatının 20 faizindən artıq reklam yerləşdirilməsi qadağandır. Amma əfsuslar olsun ki, reklam çarxlarında bir, canlı efirin içərisində isə başqa bir reklam təqdim edilir. Bu isə ümumi hesablayanda 1 saatın 20 faizindən artıq olur. Yəni “Reklam haqqında” Qanun kobud şəkildə pozulur. Təəssüf ki, Milli Televiziya və Radio Şurası bu məsələyə lazımi qədər diqqət yetirmir. Hörmətli həmkarlarımın nəzərinə bunları çatdırmaq istəyirdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael müəllim, bu məsələni qaldırdığınıza görə dərman vasitələrinin reklamının məhdudlaşdırılması, tütün məmulatının təbliği ilə bağlı bir müddəa yadıma düşdü. Bilirsiniz ki, “Reklam haqqında” Qanuna görə ictimai yerlərdə siqaret çəkilməsi qadağandır. Amma təəssüf ki, son vaxtlar, – mən arada baxıram, – Azərbaycan seriallarında siqaret çəkirlər. Bu da, əslində, bir reklamdır və hesab edirəm ki, qarşısı alınmalıdır. Məsələn, mən bir neçə dəfə baxmışam. Türkiyədə vaxtilə çəkilmiş seriallarda əgər siqaret çəkilən səhnə varsa, indi onu göstərmirlər, qarşısını alırlar. Amma bizim seriallarda son vaxtlar dəbə düşüb, baş qəhrəmanlar siqaret tüstülədirlər. Bu da bir təbliğatdır, reklamdır. Yəni tütünün təbliğatı o demək deyil ki, sən bunu ayrıca çarxla reklam edəsən. Əgər kinoda, filmdə, serialda qəhrəman siqaret çəkirsə, bu, təbliğatdır və qarşısı alınmalıdır. Hesab edirəm ki, serial istehsalı ilə məşğul olanlar buna fikir verməlidirlər. Ceyhun Osmanlı.
C.Osmanlı. Sağ olun, hörmətli Ziyafət müəllim, çox vacib bir məsələyə toxundunuz. Rafael müəllim də “Reklam haqqında” Qanunun tələblərinin pozulduğunu önə çəkdi. Mən də bu istiqamətdə başqa bir məsələni qeyd etmək istəyirəm.
Bilirsiniz ki, “Reklam haqqında” Qanunda həm də sosial reklamlar nəzərdə tutulur. Bayaq həmkarımız Elmira xanım Axundova da haqlı olaraq məhz milli qəhrəmanlarımızla bağlı təbliğatdan bəhs etdi. Bu təbliğatın böyük bir hissəsi məhz elə televiziyaların və digər mətbuat vasitələrinin üzərinə düşür. Bilirsiniz ki, bir müddət öncə hətta cənab Prezident milli və dövlətçilik məsələlərindən irəli gələn tələblərlə bağlı televiziyalara vəsaitin ayrılması haqqında sərəncam imzaladı və vəsait ayrıldı. Amma şəxsən mən müşahidələrimə əsasən deyə bilərəm ki, milli qəhrəmanlarımızla bağlı ən azı cizgi filmlərinin çəkilməsi prosesi belə həyata keçirilmir. Təəssüflər olsun ki, uşaqlarımız televiziyalarda başqa qəhrəmanlara baxaraq formalaşırlar. Məhz milli obrazlarımızın olduğu cizgi filmlərin və digər sosial reklamların yayımlanması daha doğrudur.
Televiziya məkanında efirin reytinqli vaxtlarında sağlamlıq, səhiyyə, milli, dövlətçilik məsələləri ilə, gündəmdə olan problemlərlə bağlı sosial reklamlar görmək, demək olar ki, mümkün deyil. Bəzi televiziyalarda isə bu reklamlar bir növ siyahını doldurmaq və “sosial reklam yayımlandı” deyə bilmək xatirinə gecə saat 3-də, 4-də, 5-də heç kimin izləmədiyi və reytinq doğurmayan vaxtlarda yayımlanır. Ona görə də xahiş edərdim ki, bu məsələyə diqqət bir az artırılsın, sosial reklam efirin reytinqli vaxtlarında yayımlansın, çünki bu birbaşa milli və ictimai düşüncə ilə bağlı məsələlərdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.22 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişikliklər 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqqında” Qanunun 29-cu maddəsinin tələblərindən irəli gəlir. Orada qeyd olunurdu ki, sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulacaqdır. İndi cənab Prezident tərəfindən təklif olunan bu qanun layihəsi də həmin qanunun müvafiq maddəsinin tələblərinə uyğun olaraq qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Təbii ki, hər bir xətanın təsir dairəsinə, əhəmiyyətinə uyğun olaraq cərimələr təklif olunur. Bunlar fiziki şəxslər və vəzifəli şəxslər üçün müxtəlif miqdardadır. Çox yüksək olmayan cərimə sanksiyalarıdır, amma buna baxmayaraq, həmin xətaya adekvatdır. Ona görə də millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa çıxış etmək istəyir. Buyurun, Fazil müəllim.
F.Mustafa. Əli müəllim, bu dəyişikliklərlə bağlı təklifim var. Bəlkə bunu qiymətləndirəsiniz. Burada söhbət düzgün olmayan məlumatların verilməsindən gedirsə, məncə, hər iki maddədə də “qəsdən düzgün olmayan məlumatların verilməsi” cümləsi işlənməlidir. Çünki həmin maddədə yoxsul, imkansız vətəndaşlar nəzərdə tutulur. Bir dilənçi də “evdə çörəyim yoxdu, uşağım acdı, mənə pul versinlər” deyirsə, bunu da dəqiq olmayan məlumat saymaq olar. Yoxsul insan da dövlətdən vəsait almaq üçün, ola bilsin ki, nəyi isə “unudur”, nəyi isə demir. Yaxud da bu imtiyazı əldə etmək üçün müəyyən yumşaq vasitələrə əl atır. Dövlət orqanlarının borcudur ki, yoxlasın, araşdırsın, düz olmayanı aşkara çıxarsın. Ona görə də burada həm 53.6.1-ci, həm də 53.6.2-ci maddəyə “qəsdən məlumatlandırılmamasına görə” və “qəsdən düzgün olmayan məlumatların verilməsi” cümlələri salınsa, daha dəqiq olar. Onsuz da yoxsul adam üçün 50 manat cərimə də ağır bir sanksiyadır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, aydınlıq gətirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Mən Fazil müəllimin bu məsələyə yanaşma məntiqini başa düşürəm. Amma Ziyafət müəllim, bizə təqdim olunmuş bu qanun layihəsinin hətta ifadələri belə “Sosial xidmət haqqında” Qanunun tələblərindən irəli gəlir. Orada məsələnin qoyuluşu belə idi: “qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsi”. Bu məsələyə, əlbəttə, Sosial siyasət komitəsi daha dəqiq aydınlıq gətirə bilər. Burada “qəsdən düzgün olmayan məlumatın verilməsi” yazılmalıdır, yoxsa “düzgün olmayan məlumatın verilməsi” sözləri kifayətdir? Amma İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu müddəa məhz həmin qanundan olduğu kimi götürülüb.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələr (saat 13.25 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Mən ilk növbədə həm deputat həmkarlarıma, həm də parlamentin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm, çünki ölkəmiz, sosial müdafiəyə ehtiyacı olan insanlar üçün çox əhəmiyyətli bir qanun layihəsi ortaya qoyduq. Ötən il “Sosial xidmət haqqında” Qanun qəbul olundu. Burada, sözün əsl mənasında, inqilabi addımlar atıldı. Bunlar sosial xidmət sahəsinin miqyasının genişləndirilməsi, bu sahəyə qeyri-hökumət təşkilatlarının, eyni zamanda, özəl sektorun cəlb olunması ilə bağlı məsələlərdir.
Möhtərəm Prezidentimiz həmin sənədə imza atdı və bu məqsədlər üçün 2013-cü ilin dövlət büdcəsində xeyli əlavə vəsait nəzərdə tutuldu. Bu, möhtərəm Prezidentimizin xalqa xidmət etmək siyasətinə cavab verən bir addım idi. Milli Məclisə məhz Prezidentin imzası ilə təqdim olunan qanun layihələrindən 5-i sosial xidmətlə bağlı nəzərdə tutulmuş dəyişikliklər haqqındadır.
Bu qanun layihələrindən biri də məhz “Veteranlar haqqında” Qanunda edilən dəyişiklik barədədir. Fikir vermisinizsə, burada 20-ci maddənin adı dəyişdirilib. Yəni əvvəl bu maddə “Evdə sosial-məişət xidməti, pansionatlar və internat evlər” adlanırdı, indi isə “Sosial xidmət” adlanır. “Sosial xidmət” anlayışı da “Sosial xidmət haqqında” Qanunda verilibdir. Biz burada hansı dəyişikliyi etmişik?
Birinci, həmin maddə redaktə olunub, kiçildilibdir. İkinci, həmin maddəyə 20.2-ci bənd əlavə olunubdur. Bu bənddə deyilir ki, veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Bu nə üçün xüsusi vurğulanır?! Çünki söhbət veteranlardan gedir. Azərbaycanda bu gün 90 minə yaxın veteran var. Bu qanun xüsusi qayğıya ehtiyacı olan, özünü idarə edə bilməyən və digər sosial çətinlikləri olan insanlara ünvanlanıb. Düşünürəm ki, bu dəyişiklik sosial müdafiəyə ehtiyacı olan insanlara çox böyük kömək olacaqdır. Deputat həmkarlarımdan xahiş edirəm qanun layihəsinə səs versinlər.
 
Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə, xüsusilə də inkişaf etmiş ölkələrdə sosial xidmət sektoru təkmilləşir və genişlənir. Bu sahədə dövlət və qeyri-dövlət institutları fəallıq nümayiş etdirirlər. Düşünürəm ki, Azərbaycanda da bu sahədə nəzərəçarpacaq dərəcədə inkişaf var. Müzakirə etdiyimiz qanun layihəsi bu baxımdan əhəmiyyətlidir.
Ümumiyyətlə, sosial xidmət sahəsində mühüm məsələlərdən biri də veteranlara olan diqqət və qayğıdır. İnkar etmək olmaz ki, bu gün dövlət orqanları veteranlara xidmət göstərir, onların məişət problemləri ilə maraqlanır və çətinlikləri aradan qaldırırlar. Amma yenə də bu sahədə müəyyən təkmilləşdirməyə ehtiyac var. Ona görə də bir neçə məsələyə toxunmaq istərdim.
Birinci, Milli Məclisdə qəbul edilmiş “Sosial xidmət haqqında” Qanuna əsasən bu sahədə fəaliyyət göstərən insanların peşəkarlıq səviyyəsi artırılmalıdır. Yəni veteranlarla işləmək, onların gündəlik həyatlarının düzənlənməsi üçün sosial xidmətdə olan müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları təcrübə keçirməlidirlər. Məlumat təcrübəsi öyrənilir, amma bu, kifayət deyil. Ona görə də ali təhsil ocaqlarında yenicə tədris olunmağa başlanan sosial iş ixtisasları üzrə mütəxəssislərin formalaşdırılmasına ciddi yanaşılmalıdır. Çünki bu sahədə peşəkarlaşmış mütəxəssislər bütün situasiyalara hazır olurlar, hətta veteranların psixoloji vəziyyətlərinə uyğun olaraq davranış qaydalarına da yiyələnirlər.
İkinci, qanunvericiliyə əsasən bu sahədə monitorinq işlərini genişləndirmək lazımdır. Üçüncü, çalışmalıyıq ki, sosial xidmət sahəsində, dövlət institutlarında çox geniş ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları fəal olsunlar. Amma yenə də nəzarət məsələsinə xüsusi fikir verilməlidir ki, bu gün dünyada ən həssas sahələrdən biri olan sosial xidmət sektorunda problemlər meydana çıxmasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 13.31 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə”dir. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Bu məsələ də bundan qabaq müzakirə elədiyimiz “Sosial xidmət haqqında” Qanunla əlaqədardır. Layihədə “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”nin “Sosial xidmət haqqında” Qanuna uyğunlaşdırılması nəzərdə tutulur. Əsasnamənin məhəllə komitələrinin əsas səlahiyyətlərini müəyyən edən 7-ci hissəsində yazılır ki, məhəllə komitələri fəaliyyət göstərdiyi ərazidə yaşayan ahıl vətəndaşlara yardım göstərmək səlahiyyətlərini həyata keçirir. Təklif olunur ki, “ahıl vətəndaşlar” sözləri “çətin həyat şəraitində olan şəxslərə (ailələrə)” sözləri ilə əvəz edilsin. Sağ olun.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Məncə, bu çox mühüm dəyişiklikdir. Mən bu əsasnamədə bələdiyyələrin məhəllə komitələrinin səlahiyyətlərini göstərən bütün müddəaları əhəmiyyətli hesab edirəm. Amma düşünürəm ki, bu müddəalar məhəllə komitələrinin və ümumən bələdiyyələrin səlahiyyətləri yox, vəzifələri sırasına daxil edilməlidir. Çünki hələ də bələdiyyələrin və onların məhəllə komitələrinin xeyriyyəçilik fəaliyyəti nəzərəçarpacaq dərəcədə azdır.
Xüsusən biz, rayon yerlərində işləyən insanlar görürük ki, məhəllə komitələri, bələdiyyələr hansısa ictimai işlərlə, abadlaşdırma və sairlə məşğul olur, amma maddi cəhətdən ağır həyat şəraitində olan ailələrə kömək edə bilmirlər. Burada söhbət həm bu ailələrin qida məhsulları ilə təmin edilməsindən, həm də mənzil şəraiti həddindən artıq acınacaqlı olan kənd ailələrinə kömək göstərilməsindən gedir. Məncə, bunun əsas səbəbi ilk növbədə bələdiyyələrin məhəllə komitələrinin özündə dəqiq plan və proqramların hazırlanmamasıdır. Düşünürəm ki, maddi imkanı ağır olan ailələrə maddi yardım edilməsinin müəyyən ardıcıllığını özündə əks etdirən dəqiq işlənmiş illik, rüblük proqramlar hazırlanmalıdır.
Məhəllə komitələri, bələdiyyələr mənzil verməsələr də, xüsusən rayon yerlərində hər il bir neçə ailənin mənzil şəraitinin qismən də olsa yaxşılaşdırılmasında, onlara az da olsa, tikinti materiallarının alınmasında, onlardan bir qisminə maddi yardımın edilməsində, digər qisminə işsiz üzvlərinin işlə təmin olunmasında yaxından iştirak edə bilər. Bunun üçün bələdiyyələrin şəraitinə inzibati nəzarətin artırılmasından əlavə, onlara daha geniş hüquqların verilməsi, həmçinin məhəllə komitələrinin maddi imkanlarının daha da artırılması lazımdır. Mən yenə də xahiş edirəm ki, biz bu səlahiyyətləri vəzifələr sırasında göstərək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.35 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklər, əsasən, qanun yaradıcılığı texnikası baxımından edilən dəyişikliklərdir. İki maddəyə, 21.2.4 və 37.5-ci maddələrə dəyişiklik edilir. “Sosial xidmət haqqında” Qanunda yazılan fikirlər burada ehtiva olunub. Odur ki, deputat həmkarlarımı buna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Bilirik ki, əmək pensiyaları ilə bağlı islahatlar aparılır və əmək pensiyası almaq hüququ əldə edən vətəndaşların bu sahədə vəziyyəti getdikcə yaxşılaşır. Şübhəsiz ki, bu qanuna edilən dəyişikliklər də əmək pensiyası əldə etmək hüququna malik olan şəxslərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Burada mən bir məsələni qeyd etmək istəyirəm. 2004-cü ildə biz “Əmək pensiyaları haqqında” Qanuna “20 təqvim ili” sözlərini əlavə etmişik və ona görə bu gün əmək pensiyası almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşlarının böyük əksəriyyəti Dövlət Sosial Müdafiə Fondunda ciddi problemlərlə üzləşir. Dövlət Sosial Müdafiə Fondunda oturmuş bəzi dövlət qulluqçuları qanunun birbaşa tələbini yerinə yetirmək əvəzinə onu istədikləri kimi yozur və deyirlər ki, biz istəyəndə yeni qanunu şamil edirik, istəyəndə köhnə qanunu. Əgər hansısa bir problem yaranırsa, onda gərək biz bunu başqa cür həll edək.
Biz bu məsələləri araşdırmış, müəyyən məqamlara aydınlıq gətirməyə çalışmışıq. Mən çox təəssüf hissi ilə qeyd edirəm ki, Dövlət Sosial Müdafiə Fondunda bu məsələlər vətəndaşların xeyrinə və qanunun aliliyinə əsasən yox, kimlərinsə şəxsi mülahizələrinə əsasən həyata keçirilir. Ona görə mən hesab edirəm ki, bu məsələyə çox ciddi münasibət göstərilməlidir. Qanunun geriyə qüvvəsi yoxdur. Bizim qəbul etdiyimiz bütün qanunlar yalnız vətəndaşların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən qanunlardır. Amma təəssüflər olsun ki, bəzən dövlət qulluqçularının bax belə münasibətləri ilə rastlaşırıq.
Mənə elə gəlir ki, bu məsələyə yenidən baxılmalıdır. Çünki 20 təqvim ili dedikdə bu, artıq 20 ildən xeyli dərəcədə fərqlənir. 20 il staj əldə etmiş şəxs pensiyaya çıxa bilərsə, təqvim ili ilə hesablananda bu, 16 il olur və o, artıq bu hüquqdan məhrum edilir. Bu çox ciddi fəsadlar yaradır. Bu gün Azərbaycan məhkəmələri süni surətdə yaradılan bu problemlərlə bağlı şikayətlərlə yüklənilir. Məhkəmələr, təbii ki, vətəndaşların xeyrinə qərarlar çıxarır və belə çıxır ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşları dövlətdən narazı salırlar.
Bu layihə ilə bağlı mən bir texniki redaktə xarakterli təklif vermək istəyirəm. Qanunun əvvəlki redaksiyasında hər şey uyğun idi. Çünki orada yazılmışdı: “internat evlərində, qocalar evlərində”. Amma burada yazılıb: “qocalar müəssisələrində”. Məncə, bu, “qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara stasionar sosial xidmət göstərən müəssisələrdə” şəklində yazılmalıdır. Yəqin ki, redaktə xarakterli bu düzəlişi nəzərə almaqla qanun layihəsini qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, köhnə qanun, təzə qanun – belə məfhum yoxdur axı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi Rəcəbliyə mikrofon verin.
H.Rəcəbli. Oqtay müəllim, həqiqətən, hərdən belə məsələlər ortaya çıxır. Bəxtiyar müəllimlə biz bu məsələ ilə çox ciddi məşğul olduq. Əlbəttə, qanun qəbul edildiyi gündən sonrakı dövrə şamil olunur. Ondan əvvəlki dövrə şamil olunmamalıdır. Amma bəzi hallarda bürokratik əngəllərə rast gəlinir və biz ayrı-ayrı hallarda bu məsələlərlə məşğul oluruq. Əlbəttə, problemlər var. Mən onu etiraf eləməliyəm. Amma biz belə faktlarla fərdi qaydada məşğul olanda bunu yoluna qoymaq olur. Haradasa məmurun, görürsən, anlamaması, digər tərəfdən bürokratik əngəllər bu məsələləri ortaya çıxarır. Bəzən belə faktlar olur, Oqtay müəllim. Amma bütövlükdə qanun yeni dövrə şamil olunmalıdır.
Sədrlik edən. Səlim Müslümov çox diqqətli adamdır. Bunu yazın, ona verin ki, bu məsələləri diqqətdə saxlasın. Deyilən sözlərin əsli-kökü var ki, deyilir. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.41 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! Bildiyiniz kimi, 2011-ci ildə qəbul olunmuş və bu gün müzakirələr zamanı bir neçə dəfə səslənmiş “Sosial xidmət haqqında” Qanunda “çətin həyat şəraiti” anlayışı da verilmişdir. Bu layihədə təklif olunur ki, “Könüllü fəaliyyət haqqında” Qanunun “Könüllü fəaliyyətin istiqamətləri” adlı 3-cü maddəsində köməklik edilən şəxslər sırasına çətin həyat şəraitində olan şəxslər də aid edilsin. Yəni 3.0.12-ci maddənin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi”. Hesab edirəm ki, bu düzəliş tamamilə yerindədir və “Könüllü fəaliyyət haqqında” Qanunla “Sosial xidmət haqqında” Qanun arasında uyğunluğun təmin edilməsinə yönəlmişdir. Millət vəkillərindən səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, bu dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, məsələlərimiz az qalıb. Əgər etiraz yoxdursa, tənəffüssüz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Növbəti məsələ. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bilirsiniz ki, keçən il parlamentdə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun qəbul olunmuş və həmin Qanuna yeni anlayışlar, o cümlədən “inzibati ərazi dairələri və sahə” anlayışı daxil edilmişdir. Ona görə də layihədə təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin 342-1-ci maddəsinin dispozisiyasında “ərazi vahidlərinin və” sözləri “ərazi vahidlərinin inzibati ərazi dairələrinin və sahə” sözləri ilə əvəz olunsun. Yəni biz sanksiyaya toxunmuruq. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun pozulmasına görə məsuliyyəti müəyyənləşdirən 342-1-ci maddə var. Sanksiya olduğu kimi qalır, sadəcə, dispozisiyada verilən anlayış, qeyd etdiyim kimi, keçən il qəbul etdiyimiz “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna uyğunlaşdırılır. Hesab edirəm ki, burada heç bir uyğunsuzluq yoxdur və biz bunu qəbul etməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Dəyişikliyə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.44 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Bu dəyişiklik də Əli müəllimin məruzə elədiyi məsələ ilə əlaqədardır. Bildiyiniz kimi, keçən il respublikada sahə inzibati ərazi dairələri məsələsi öz həllini tapıb. Bunun nəticəsində Azərbaycanda 40 sahə inzibati ərazi dairəsi yaradılıb. Layihədə “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də bu məsələ ilə əlaqədar müəyyən dəyişikliklərin edilməsi təklif olunur. Konkret desək, Əsasnaməyə “sahə inzibati ərazi dairəsi” sözləri daxil edilir, sahə inzibati ərazi dairəsinin parametrləri, ona verilən şəhadətnamənin parametri, onun yazılışı və verilməsi qaydası müəyyən edilir. Düzəlişlər bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.46 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif olunan bu dəyişikliyin məqsədi “Dini etiqad azadlığı haqqında” Qanunla “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun arasında uyğunluğu təmin etməkdən ibarətdir. Qeyd etmək istəyirəm ki, mövcud variantda 22-ci maddə “Dini ədəbiyyat və dini təyinatlı əşyalar” adlanır. Burada həm maddənin adının, həm də mətninin dəyişdirilməsi təklif olunur. Adının dəyişdirilməsi onun bağlıdır ki, “dini təyinatlı ədəbiyyat” anlayışı daha genişdir, çünki buraya kağız və elektron daşıyıcılarda ədəbiyyat da daxildir. Bundan başqa, maddənin adına audio, video materiallar da əlavə olunub. Bu, təbii ki, dövrün tələblərinə uyğun gəlir və ona görə də maddənin adında belə bir dəyişiklik var.
Amma maddənin mətni ilə bağlı olan dəyişiklik, bir daha vurğulayıram, birbaşa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla bağlıdır. Həmin Qanunun 10-cu maddəsində müəyyən edilir ki, hansı materialların, əşyaların nəzarət markası ilə markalanması tələb olunur. Bu materiallar və əşyalar sırasına dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materialları daxildir. Gördüyümüz kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi birbaşa tələb edir ki, dini təyinatlı materiallar da nəzarət markası ilə markalansın və məhz ona görə 22-ci maddə yeni variantda verilir.
Hesab edirəm, bu dəyişiklik milli maraqlarımıza və qanunvericiliyimizin tələblərinə tamamilə uyğundur. Ona görə hörmətli həmkarlarımdan xahiş edərdim ki, burada dini etiqad azadlığı və ümumiyyətlə, “Dini etiqad azadlığı haqqında” Qanunla bağlı müzakirələr açmayaq. Çünki, – xüsusi vurğulamaq istəyirəm, – bu bizim qəbul etdiyimiz və qüvvədə olan qanunun tələbindən irəli gəlir. Çox sağ olun.
Sədrlik edən. Yazılanlardan təkid eləyənlər var? Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Bu məsələ komitədə müzakirə olunanda da onunla bağlı fikrimizi bildirmişdik. Mən hesab edirəm ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin bu layihədə təklif olunan yeni variantında başdan iki abzas konstitusion normalara kifayət qədər uyğun deyil. Amma üçüncü məqbuldur. İlk iki abzas o baxımdan uyğun deyil ki, dini təyinatlı ədəbiyyat əgər ekstremist xarakterli, yaxud hansısa ədavəti qızışdıran material deyilsə, onun sərbəst yayımını vətəndaşa qadağan eləməyin, mütləq nəzarət markası tələb etməyin heç bir mənası qalmır. İlk iki abzasda təklif olunan müddəaların qəbul edilməsi o deməkdir ki, onlar gələcəkdə bütün sahələrə tətbiq oluna bilər. Bu, olduqca ciddi bir təhlükə yaradır.
Dövlət ancaq ona nəzarət eləyə bilər ki, bunun qanunsuz satışı gerçəkləşdirilməsin, əmtəə nişanı olmayan, müəyyən nəzarət markası olmayan malları satmaq mümkün olmasın. Təklif edilən dəyişiklikdən isə belə çıxır ki, kimsə, məsələn, Həcc ziyarətindən 5 əşya gətirib yaxın adamına hədiyyə verdiyi üçün məsuliyyət daşımalıdır. Belə şeymi olar? Buna qadağamı qoymaq olar?
Bu maddələrdə birinci növbədə niyyətdən söhbət getməlidir. Kim nəyi hansı niyyətlə yayır və ya kim nəyi hansı niyyətlə kiməsə hədiyyə verir. Bundan sonra heç kim bu məzmunda kiməsə hədiyyə verməməlidir ki, müvafiq icra hakimiyyəti orqanı buna nəzarət markası yapışdırmayıb? Kimsə kiməsə Quran kitabı verirsə, Quran kitabına mütləq nəzarət markası yapışdırılmalıdır? Quranda narahatedici nə var ki, kimsə buna nəzarət markası yapışdırıb verməlidir? Belə şeymi olar? Bura həm də mal və materiallar aid edilir. Məncə, bunlar izafi, mənasız dəyişikliklərdir.
Üçüncü hissədə göstərilən müddəa isə anlaşılandır. Dövlət tələb edə bilər ki, sən bunu ancaq ixtisaslaşdırılmış satış məntəqəsində sata bilərsən. Əslində, bu da insan haqlarına uyğun deyil, amma yenə də nəzarətə götürmək, hamısını bir mənbədən istehlakçıya çatdırmaq üçün bunu tələb eləyə bilər. Qalan məsələlər isə real həyatda işləməyən müddəalardır və bu müddəalara görə kimdənsə hansısa məsuliyyət tələb etmək olduqca yanlışdır. Ona görə bu maddə gələcəkdə işləməyən maddələr sırasında yer alacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən qətiyyən hörmətli həmkarım Fazil bəyin dediyi ilə razılaşa bilmərəm. Fazil bəyin özü də söylədi ki, əgər yayılan materiallar, kitablar ekstremist xarakterli deyilsə, buna icazə verilməlidir. Onun ekstremist xarakterli olmadığını bilmək üçün o yoxlanmalı və üzərinə marka vurulmalıdır. Yoxsa haradan biləcəyik ki, bu, ekstremist xarakterlidir, yoxsa yox?
Azərbaycan həssas bir bölgədə yerləşir və hər bir dövlət kimi o da öz daxili təhlükəsizliyini qorumalıdır. Biz siyasi sistemimizi qorumalıyıq. Mən bayaq cari məsələlərdə öz fikrimi bildirdim ki, Azərbaycan saqqallı, saqqalsız mollalarla əhatə olunubdur. Hər birinin marağı var. Dini ekstremist meyli Azərbaycanda yaymaqda maraqlı olan qüvvələr var. Ona görə də Azərbaycan öz daxili təhlükəsizliyini qorumalıdır.
Bizim hörmətli şeyximiz var, Qafqaz Müsəlmanları İdarəsi var, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Onlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdırlar. Biz imkan verə bilmərik ki, gənc, hələ siyasi baxımdan tam formalaşmamış insanlarımızı müxtəlif dini cərəyanlar öz sıralarına daxil eləsinlər və ölkəmizin gələcəyi üçün böyük təhlükə yaratsınlar.
Biz Avropa ölkələrini çox vaxt demokratik ölkə kimi misal çəkirik. Mən vaxtilə də söyləmişdim. Məsələn, Fransada artıq 4 milyona yaxın müsəlman yaşayır. Orada görəndə ki, qaraya bürünmüş qadınların sayı günbəgün artır və Paris artıq bu cür qaralarla dolub, dedilər ki, yox, belə olmaz, bu bizim mədəni səviyyəmizə uyğun deyil, qadın azadlıqlarına qarşı olan məsələdir və bunu qadağan elədilər. Dövlət artıq profilaktik tədbirlər gördü. İndi biz gözləməliyik ki, Azərbaycanda ekstremizm yayılsın, sonra tədbirlər görməyə başlayaq?
Mən hesab edirəm ki, bu dəyişikliklər vaxtında edilmiş dəyişikliklərdir və biz bunu yekdilliklə müdafiə eləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, hamı kimi mən də hesab edirəm ki, dini mühit kifayət qədər həssasdır və bu sahədə dövlətin narahat olmağa hər zaman əsası var. Çünki din ideologiyadır, din təsir vasitəsidir, din kütlələri əldə saxlamaq, istiqamətləndirmək vasitəsidir və sair.
Ancaq mən bu dəyişikliklərin praktikada necə işləyəcəyini başa düşməyə çalışıram. Nəzərə alsaq ki, informasiya əsridir, bu gün kompüter texnologiyaları, digər kommunikasiya vasitələri ən ucqarlara qədər gedib çıxır və istənilən ədəbiyyatı oradan çox asanca götürüb onunla tanış olmaq mümkündür, biz praktikada nə ilə mübarizə aparacağıq? Əgər satışdırsa, bu başqa məsələ. Bu, həqiqətən, dövlətin tənzimləyə biləcəyi sahədir. Amma yayılmaya qarşı necə mübarizə aparmaq olar? Bu gün ən müxtəlif dini təriqətlər öz təbliğat materiallarını informasiya resurslarına yerləşdirir və hər kəs də onunla tanış ola bilir. Hər bir insanın oxu menyusuna daxil olub, onlara deyə bilmərik ki, nəyi oxu, nəyi oxuma. İstənilən vətəndaş özünün blokunda hər bir ədəbiyyatı yerləşdirir və yayır. Bununla da mübarizə aparmaq mümkün deyil. Dərgilərin yazılması və yayılması da çox asanlıqla baş verir.
Bəs çıxış yolu nədir? Hər bir dövlət özünün din siyasətini necə stabillikdə saxlayır, xarici qüvvələrin, hər hansı mormonçuların, yevangelistlərin gəlib ölkənin iç siyasətində oturmasına necə imkan vermir, neyləyir? Öz dini siyasətini uğurla qurur. Din xadimləri cəmiyyətdə yüksək nüfuza malik olur, cəmiyyətə dinin normal təqdimatını verir, insanları həqiqi dini biliklərə yiyələndirir və əhalinin böyük hissəsi də bu dinə sitayiş edir, başqa dinlərə getmir. Bu halda ekspansionizmin, dini təriqətlərin dövlət siyasətinə təsiri də mümkün olmur.
Biz əgər dinlə dövlət idarəçiliyindəki sərhədi dəqiq saxlamaq istəyiriksə, öz dini siyasətimizi yürütməli, gücləndirməliyik. Biz məzhəbçiliyi tanımırıq, fundamentalizmi tanımırıq, dinin dövlət siyasətinə təsirini tanımırıq, amma etiqada, dinc yanaşı yaşamağa da azadlıq veririk.
Ona görə mən sizə açıq deyim ki, bu gün bizim çox böyük eyforiya ilə qəbul etdiyimiz bu dəyişikliklər praktikada işləməyəcək. Ancaq mən səs verəcəyəm.
Sədrlik edən. İşləməyəcək, niyə səs verirsən? Hörmətli həmkarlar, biz burada öz dinimizə qarşı çıxmırıq. Dinimiz bizim kökümüzdür. Bunu hamımız gözəl bilirik. Bizim burada əsas məqsədimiz ekstremist cərəyanların, ziyanlı təriqətlərin ölkəmizə nüfuz etməsinin qarşısını almaqdır. Bunu da başqa cür eləmək mümkün deyil. Burada ifrat misallar gətirmək yersizdir. Kimsə özü ilə Quran gətirəcək, buna görə onu qeydiyyatdan keçirməli olacaq. Bunlar ifrat fikirlərdir. Bu qanunda belə şeylər yoxdur. Bu qanunun kökü hamıya yaxşı bəllidir. Məqsəd odur ki, dövlətçiliyimizə, dinimizə zərərli olan təriqətlər, ekstremist cərəyanlar Azərbaycana ayaq aça bilməsin. Burada anlaşılmayan nə var ki? Hərəmiz burada bir fikir söyləyirik. Bəxtiyar müəllim, buyur.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Burada hörmətli həmkarım Zahid Oruc məsələ qaldırır. Mən xatırlatmaq istəyirəm ki, bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına referendum yolu ilə əlavə və dəyişikliklər edildi və bu məsələlər orada öz əksini tapdı. Bu qanunun əsas qayəsi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiə olunmasına yönəlibdir. Bizim bir çox qanunlarımızda nəzərdə tutulub ki, müxtəlif yaş senzləri, yaş qrupları var. Dini təhrikçi ədəbiyyatın müxtəlif yaşlı insanlara fərqli də olsa, güclü psixoloji təsiri var.
İlk növbədə əhalinin psixi sağlamlığını qorumaq nöqteyi-nəzərindən biz bunu etməliyik. Mənə elə gəlir ki, qanunda bu dəyişikliyin edilməsi ilk növbədə dini qurumların fəaliyyətinin genişləndirilməsinə, onların səmərəli fəaliyyət göstərməsinə, insanların öz dini inanclarını daha düzgün əsaslarla və heç bir kənar müdaxilə olmadan həyata keçirməsinə şərait yaradacaqdır.
Mən hesab edirəm ki, bu çox demokratik ruhlu bir qanun layihəsi, dini inanclara xidmət və ona geniş şərait yaradan bir dəyişiklikdir. Ona görə xahiş edirəm, biz hamımız buna səs verək və qəbul edək. Mən əminəm ki, praktikada bu çox yaxşı işləyəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Deyəsən, get-gedə bu mövzu hamını tutur. İlham Əliyev, buyurun.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən Sizin dediklərinizlə tam razıyam və həmkarlarımın bu dəyişikliyi bu dərəcədə dərindən təhlil etməyə başlaması mənə maraqlı gəlir. Əlbəttə ki, bizim dinimiz var. Biz dinimizə qulluq edirik. Amma din haqqında qanunda dəyişiklik mütləq lazımdır. Biz çalışmalıyıq ki, cəmiyyətdən o qısa şalvarlıları, uzun saqqallıları təcrid edək. Axşamlar bulvara çıxırsan, adam onların o zahiri görünüşlərinə nifrət edir. Mən hesab edirəm ki, biz hamımız çalışıb onları cəmiyyətdən təcrid etməliyik. Bu qanundakı dəyişiklik, yəqin ki, elə həmin o məsələlərə yönələcək və biz çalışacağıq ki, gələcəkdə bu ünsürlər bizim aramızdan tamamilə yığışdırılsın. Çox sağ olun, Oqtay müəllim.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.00 dəq.)
 Lehinə  97
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli Oqtay müəllim, bu düzəliş bayaq burada səslənən fikirlərin davamı kimi qiymətləndirilə bilər. “Dərman vasitələri haqqında” Qanunun 8-ci maddəsinə əlavə olunan 2-ci hissədə deyilir ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. Bu gün onsuz da Azərbaycana gətirilən dərmanlar yoxlanılır. Amma onların satışa buraxılması üçün üzərinə həmin markanın vurulması bir daha onu göstərəcək ki, dərmanlar xüsusi yoxlamadan keçib. Bax bu sənəd ona xidmət edir.
Sədrlik edən. Doğrudan da, bu holoqramla bağlı nə çıxışlar olmalıdır? Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Sədr, təbii ki, bu müsbət dəyişiklikdir və bununla bağlı şərhə ehtiyac yoxdur. Amma istədim, bir-iki kəlmə lap çoxdan ürəyimdən keçən məqamları qeyd edim. Çünki dünən də, 10 il bundan öncə, 5 il bundan öncə də dərmanla bağlı çox ciddi problemlər var idi və inkar etmək olmaz ki, bu gün də var. Bu gün də ölkəyə biri diplomatında, biri, nə bilim, maşınının baqajında hansısa yollarla dərman preparatları gətirir və bunlar ölkədəki, xüsusən də kənd rayonlarındakı apteklər vasitəsilə satdırılır. Düzdür, şəhərdə nəzarət bir az güclüdür. Amma Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarının keçirdiyi əməliyyatlar zamanı da aşkar edilir ki, ölkəyə narkotiklərlə bərabər həm də dərman vasitələrinin gətirilməsi halları var. O baxımdan mən belə hesab edirəm ki, təklif olunan bu variant olduqca mütərəqqidir və bu dəyişiklik çoxdan edilməli idi. Təbii ki, buna hamımız səs verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Yaxşı, çıxışa yazılanlar arasında təkid edənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 14.03 dəq.)
 Lehinə 88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri! 16-cı məsələni müvəqqəti olaraq gündəlikdən çıxarırıq. Çünki Pirallahı adasında bələdiyyələr hələ tam təşkil olunmayıb. Bu məsələyə sonra qayıdacağıq.
Gündəliyin 17-ci məsələsi. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Layihədə Şahbuz şəhərinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Onunla sərhəd olan Qarababa kəndi bütövlükdə Şahbuz şəhərinin ərazisinə daxil edilir. Bunun sahəsi 1821,6 hektardır. Eyni zamanda, Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilir. Bu haqda da siyahıda müvafiq düzəliş verilir. Ayrınc kəndindən 92,8 hektar və Daylaqlı kəndindən 274,8 hektar torpaq Şahbuz şəhərinin ərazisinə daxil edilir. Beləliklə, Şahbuz şəhərinin ərazisi, demək olar ki, iki dəfədən çox genişləndirilir. Bu çox gözəl bir haldır. Çünki orada olan torpaqlara şəhər statusu veriləcək və əhali yeni, daha yüksək şəhər standartlarında yaşayacaqdır.
Qanun layihəsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən lazımi qaydada təqdim olunubdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.05 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf 0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iclasımız mart ayının 5-də olacaq. Sağ olun.
 


EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ

22 fevral 2013-cü il
———
Cavanşir Feyziyev. Müzakirəyə təqdim olunmuş “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik Azərbaycanda əczaçılıq məhsullarının dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində atılan zəruri addımlardan biridir. Dövriyyəyə daxil edilən dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markasının yapışdırılması həmin dərman vasitəsinin tərkibinin və keyfiyyətinin laborator şəraitdə yoxlanıldığını və lazımi standartlara cavab verdiyini təsdiq edir. Bu, əhalinin sağlamlığının qorunması baxımından olduqca vacibdir və pasientlər öz müalicəsinə məsuliyyətlə yanaşaraq üzərində holoqramı olmayan dərman preparatlarını almaqdan və qəbul etməkdən çəkinməlidirlər.
Lakin 8-ci maddənin 8.1-ci bəndinin təklif olunan yeni variantında bir natamamlıq hiss olunur. Bu bənddə dərman vasitələrinin xammal tədarükü, istehsalı, saxlanması, daşınması və satışı üzərində nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə çıxır ki, həmin maddənin 8.2-ci bəndində yapışdırılması nəzərdə tutulan nəzarət markaları yalnız yerli istehsala şamil olunur. Halbuki Azərbaycan əczaçılıq bazarında dövriyyədə olan dərman vasitələrinin 99 faizi idxal olunur və istənilən halda idxal əməliyyatı da müvafiq icra hakimiyyətinin, yəni Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzarəti altında həyata keçirilir. Buna görə mən 8-ci maddənin 8.1-ci bəndində “dərman vasitələrinin istehsalı” sözlərindən sonra “idxalı” sözünün əlavə olunmasını təklif edirəm. Bu halda nəzarətin və nəzarət markasının dövriyyədə olan bütün dərman vasitələrinə aid olması Qanunda dəqiqliklə öz əksini tapmış olacaq.
Ümumiyyətlə, dərman vasitələri dövriyyəsinin səmərəliliyini artırmaq, əhalinin sosial cəhətdən zəif təbəqəsinin daha keyfiyyətli müalicəyə əlçatanlığını təmin etmək və dərman vasitələrinin dövriyyəsində şəffaflığı tam təmin etmək üçün “Dərman vasitələri haqqında” Qanunda gələcəkdə daha bir dəyişikliyin edilməsi gündəlikdə duran vacib məsələlərdəndir.
Yeri gəlmişkən, bir məsələni də hörmətli həmkarlarımızın diqqətinə çatdırmaq istərdim. Bir az öncə qeyd etdiyim kimi, ölkəmizdə istifadə olunan dərman preparatlarının 99 faizi idxala əsaslanır. İdxal olunan dərman vasitələrinə əvvəlcə idxalçı şirkətlər tərəfindən, daha sonrakı mərhələdə isə pərakəndə satış müəssisələri tərəfindən ticarət əlavəsi qoyulduqdan sonra toplam məbləğin əlavə dəyər vergisinə cəlb olunması dərman vasitələrinin qiymətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə pərakəndə satış qiymətləri qonşu ölkələrə və Avropa ölkələrinə nisbətən ən azı 50 faiz, bəzi hallarda isə hətta 70–80 faiz baha olur.
Məlumat üçün bildirmək istəyirəm ki, dünyanın əksər ölkələrində, o cümlədən Rusiya istisna olmaqla, bizə qonşu olan bütün ölkələrdə bu məhsullar ƏDV-dən azaddır. Rusiyada isə 10 faiz həcmində ƏDV-nin tətbiqi orada fəaliyyət göstərən yüzlərlə yerli istehsalçının rəqabət qabiliyyətini təmin etmək məqsədi daşıyır. Azərbaycanda daxili istehsalın cəmi 1 faiz olduğunu nəzərə alaraq yaxın gələcəkdə aidiyyəti qurumlar tərəfindən ölkəmizdə də dərman vasitələrinin tamamilə ƏDV-dən azad olunması imkanlarına baxılması və qanuna müvafiq dəyişikliyin edilməsi vətəndaşların müalicə imkanlarının artırılması və sağlamlığının qorunması işinə önəmli töhfə ola bilərdi.
Bu gün müzakirə olunan dəyişikliyə mən də səs verəcəyəm və əminəm ki, həmkarlarımız da layihəni yekdilliklə dəstəkləyəcəklər. Diqqətinizə görə minnətdaram.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU