07.05.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 64

Milli Məclisin iclas salonu.
7 may 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 112
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  90 illiyi.
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 111
Nəticə: Qəbul edildi

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fəttah Heydərov, Arif Rəhimzadə, Əli Əhmədov, Zeynəb Xanlarova, Eldar İbrahimov, Əli Hüseynli, Bahar Muradova

2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Mehriban Əliyeva, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

7 may 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir  112
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Bildiyiniz kimi, bu gün gündəliyimizdə iki məsələ var. Birinci məsələ – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi, ikinci məsələ – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında. İkinci məsələ barədə qanun layihəsi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
 
Səsvermənin nəticələr (saat 12.02 dəq.)
 Lehinə  110
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  111
 Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.

Z.Əsgərov,  Milli Məclis Sədrinin birinci müavini.
Hörmətli millət vəkilləri! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar məruzə ilə çıxış etmək üçün Milli Məclisin Sədri Oqtay Əsədova söz verilir. Buyurun, cənab Sədr.
O.Əsədov,  Milli Məclisin Sədri.
Hörmətli deputatlar, xanımlar və cənablar!
Milli liderlər dünyasını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, zamanın fövqünə yüksələrək, yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən edirlər.
Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.
Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf etmişdir. Daha doğrusu, tarixi məqamın özü qeyri-adi şəxsi keyfiyyətlərə malik olan bu xarizmatik insanın hakimiyyətə gəlməsini zərurət kimi irəli sürmüşdür.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu.
Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, minlərcə yeni sənaye müəssisəsi inşa edildi. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.
Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməli yaradıldı. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən heç bir dotasiya almayan iki respublikadan biri Azərbaycan idi.  Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına  şərait yaratdı. 
Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə alınırdı. SSRİ-nin 1977-ci ildə qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı. Onlar İttifaq rəhbərliyindəki havadarlarının köməyi ilə  Dağlıq Qarabağın statusu məsələsini ortaya atmağa çalışırdılar. Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı. 
1978-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Ulu öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemlər qabaqcadan  görür,  bu  günümüz  üçün vacib olacaq problemlər həll  edirdi. Məhz onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi –  C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.
Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə  təhsil almağa göndərildi. O dövrdə hazırlanan kadrlar sonralar milli ordumuzun özəyini təşkil etdilər.
1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi.
Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu.
Mən burada bir məqama diqqəti cəlb etmək istəyirəm. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü özündən əvvəlki dövrlə müqayisə edəndə tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər bir cəmiyyət və dövlət üçün nə qədər böyük həyati əhəmiyyətə malikdir. 1948–1950-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiya  edilməsini, 1960-cı illərin ortalarından başlayaraq respublikada ictimai-siyasi, sosial-iqtisadi və mənəvi böhranın dərinləşməsini, cəmiyyətdə düşkünlüyün hökm sürməsini, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsini, digər hadisələri yada salaq.
Bu həqiqəti biz 1988–1993-cü illərdə yenidən görüb yəqin etdik. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin  səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxardı. Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, başqa torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması − bütün bunlar Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi. 
O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və müstəqilliyini qoruyub saxlayacaqdır. Amma bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi, Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdi.
1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu. Əgər o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq çox çətin olardı.  
Ulu öndərimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə  bir kəlamında çox dəqiq ifadə olunmuşdur: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı yolunda ilk addım onun Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi olmuşdur. Ümummilli liderimiz Prezident seçilənədək dörd aya yaxın parlamentə rəhbərlik etmişdir. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.
Azərbaycan dövlətini tarixin burulğanlarından xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz məhəbbət tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, ümummilli liderimizin dünyanın qoluzorlularının iradəsinə qarşı çıxması onun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirdi.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ulu öndərin xilaskarlıq missiyasında ilk tədbiri xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını  almaq oldu. 
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə dəstələrdən ibarət idi. Ulu öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüş yaratdı. Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi.
Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistan Respublikasını Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.
Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.
Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı.
Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.
Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi. Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman  aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.
Ölkədə onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə başladı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı.
Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsi oldu. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəyə çevrildi.
Bu möhtəşəm işlərin gerçəkləşdirilməsində Milli Məclis həmişə ümummilli liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir. Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir.
1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar ümummill liderimizin imzası ilə parlamentə təqdim edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuşdur. Beləliklə,  Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılmışdır.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin hakimiyyətə qayıdışından sonra göstərdiyi xidmətlər barədə belə demişdir: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında quruldu və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin  əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar  tarixi əhəmiyyət kəsb edir”.
Xalqımızın bütün müsbət keyfiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Onun dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı üzvi vəhdət təşkil edirdi. Bütün varlığı vətənə məhəbbətlə yoğurulmuşdu, gücünü xalqdan alırdı. Xalq da Heydər Əliyevə sonsuz sevgisi və sədaqəti ilə cavab verirdi.  
Tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi. O özü də bunu hiss edirdi. Bu hiss, bu düşüncə ona güc verirdi, başqalarını aciz edən maneələri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.
Heydər Əliyevin ruhu şaddır, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir, başladığı işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir.
Bu gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü kimi geniş bir bölgədə söz sahibi olan, dinamik inkişafı ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.
Bu gün Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ciddi tədqiqatların mövzusudur. Ulu öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir.
Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən stendlər, bədii kitablar və elmi tədqiqat əsərləri, digər eksponatlar Milli Məclisin qonağı olan dövlət və hökumət başçılarının, parlament nümayəndələrinin böyük marağına səbəb olur.
Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Tamamilə məntiqlidir ki, onun həyatına və fəaliyyətinə həsr edilən araşdırmalar zaman keçdikcə daha geniş miqyas alır. İndiyədək Milli Məclis ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlayıb nəşr etmişdir.
Bu günlərdə “Parlament tariximizin Heydər Əliyev dövrü” adlı yeni kitab işıq üzü görmüşdür. Bu kitab ümum-milli liderimizin 90 illik yubileyinə Milli Məclisin kiçik bir töhfəsidir. Nəfis tərtibatlı kitabın hazırlanması zamanı Heydər Əliyevin  dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində fəaliyyətini əks etdirmək arzusu əsas götürülmüşdür. İnanıram ki, bu istiqamətdə görülən işlər davam etdiriləcək və yeni-yeni kitablar oxuculara təqdim ediləcəkdir.
Azərbaycan xalqı son yüz ildə iki dəfə dövlət müstəqilliyi əldə etmişdir – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də. Hər iki dövlətin tarixi taleləri müəyyən məqama qədər oxşar, qarşılaşdığı problemlər təxminən eyni olmuşdur. Erməni təcavüzü, xarici qüvvələrin təxribatları, daxildə hakimiyyət uğrunda mübarizə...
Əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər üzündən cəmi 23 ay yaşaya bilmişdir. Əsrin sonlarında yenidən tarix səhnəsinə çıxan müstəqil  dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Amma bu dəfə Heydər Əliyev şəxsiyyətinin mövcudluğu dövlət müstəqilliyinin itirilməsinə səbəb ola biləcək təhlükələrin aradan qaldırılmasında müstəsna rol oynadı.  
Böyük dövlət xadimlərindən biri demişdir ki, “Siyasət mümkün olanı bacarmaq sənətidir”. Amma ümummilli liderimiz özünün bütün fəaliyyəti ilə sübut etdi ki, siyasət həm də mümkün olmayanı bacarmaq sənətidir. Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə məhkum olan dövləti qoruyub yaşatdı və xalqımıza ərməğan etdi. Əminəm ki, Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim var olacaq, ulu öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”. Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Hörmətli millət vəkilləri, mən bilirəm ki, bu gün hamınız çıxış etmək, söz demək istərdiniz. Amma aramızda elə insanlar var ki, vaxtilə Heydər Əliyevlə yaxın təmasda olmuş, işləmişlər. Vaxta qənaət etmək üçün ancaq o millət vəkillərinə söz verəcəyik. Mən elə bilirəm, buna etiraz olmayacaq. Birinci söz verilir Fəttah Heydərova.
F.Heydərov. Hörmətli sədarət, hörmətli deputat həmkarlarımız, əziz dostlar, media nümayəndələri! Bu gün Azərbaycanımızın hər guşəsində və dünyada hətta bir nəfər belə azərbaycanlının yaşadığı ölkələrin hər birində bayram əhvali-ruhiyyəsi hiss olunur. Ulu öndərin xatirəsini yad etmək üçün böyük tədbirlər, gözəl məclislər, konfranslar keçirilir, müzakirələr olur. Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı, qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad olunur.
İndi Azərbaycanımız dünyanın hər yerində tanınır. Müstəqil Azərbaycanın bugünkü möhtəşəmliyi, dünyanı bürümüş iqtisad böhran  və qarşıdurmalar şəraitində  belə onun uğurla inkişaf etməsi, sülhün, əmin-amanlığın, inkişafın, intibahın dayaq nöqtələrindən biri kimi tanınması məhz ulu öndərin – Heydər Əliyevin bütün ömrünü həsr etdiyi böyük ideyaların həyata keçirilməsinin nəticəsidir.
Bu gün geriyə qayıdıb dünya tarixinə, xalqımızın, ölkəmizin tarixinə müraciət etdikdə görürük ki, XX əsrdə Cənubi Qafqazda, Şərqdə, Qərbdə  cəmiyyəti uğurla idarə edib irəli aparan insanlar arasında həm ağlına, zəkasına, qabiliyyətinə, həm də xalqına, dövlətinə və xüsusilə də doğma torpağa sonsuz məhəbbətinə görə seçilən ən işıqlı, ən görkəmli şəxsiyyət bizim ulu öndərimiz Heydər Əliyevdir. Böyük yaradan onu xalq üçün, xalqın uzun əsrlər boyu həsrət qaldığı müstəqilliyi bərpa etmək, möhkəmlətmək, qorumaq və əbədi etmək üçün yaratmışdı.
Ulu öndərin bütün həyatı Azərbaycan torpağına, Azərbaycan insanına həsr olunub. Mən və mənim yaşıdlarım daha yaxşı bilirlər ki, o hələ Sovetlər İttifaqı dövründə Azərbaycana birinci şəxs kimi təyin edildiyi ilk gündən Azərbaycan üçün çalışmış, respublikamızın və xalqımızın dünya miqyasında tanınması üçün əlindən gələni etmişdir. Heydər Əliyev yolu xalqımız üçün ən uğurlu, ən gözəl, ən işıqlı bir yol olmuşdur. Çünki şəxsiyyətin özü işıqlı idi, onun daxilində həmişə insanların, xalqın, millətin yolunu işıqlandıran böyük bir ilahi qüvvə var idi.
Hələ Sovetlər İttifaqı dövründə müstəqilliyimizin əsasını qoymaq kimi müqəddəs bir amalı həyata keçirən ulu öndərimiz o dövrlərdə Azərbaycan insanının güzəranını yaxşılaşdırmağı, Azərbaycan torpağını abad, varlı, bərəkətli etməyi qarşısına məqsəd qoymuşdu. O bizim paytaxtımızı hələ o zaman Azərbaycan şəhəri etdi. Bu bizim üçün çox əhəmiyyətli məsələ idi.
Heydər Əliyevin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda, Moskvada fəaliyyət göstərdiyi dövrlərdə yağı düşmənimiz olan  ermənilər Qarabağla bağlı ürəklərindən keçəni heç dilə gətirə bilmirdilər. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istədiklərinin mümkün olmayacağını yaxşı bilirdilər. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də onların aşa bilməyəcəyi sipərə çevrildi.
Mən arzu edərdim ki, biz keçmişimizə, tariximizə baxanda Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. Nə qədər ki ulu öndər Azərbaycanda olub, Azərbaycanda rifah olub, inkişaf olub, Azərbaycan insanının həyatı həmişə təhlükəsiz olub. Heydər Əliyev Azərbaycanda olmayanda Azərbaycan faciələr yaşayıb, torpaqlarının beşdə birini itirib, 20 min şəhid vermişik, böyük faciələrə – 20 yanvar faciəsinə, Xocalı faciəsinə tuş gəlmişik. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan yenə də rifaha qovuşmuş, bugünkü günümüzə gəlib çatmışdır.
Nə yazıq ki, ömrünün 80-ci ilində ulu öndər aramızdan getdi. Onun apardığı mübarizələrdə aldığı xəsarətlər bu günə qədər yaşamasına imkan vermədi. Amma nə yaxşı ki, ulu öndər xalqa, millətə, torpağa olan məhəbbətini sevimli övladının timsalında yaşadaraq bu ağır, çətin, məşəqqətli, lakin şərəfli yolun davam etdirilməsinin ona etibar edilməsini məsləhət gördü. Doğrudan da, bu gün dünyada elə bir şəxs yoxdur ki, Heydər Əliyev yolunu onun varisi, davamçısı, əziz övladı İlham Əliyev qədər uğurla davam etdirsin.
Azərbaycanın uğurları, dünyada bugünkü yeri sübut edir ki, ulu öndər yenə də bizimlədir, Heydər Əliyev ölməmişdir, o yaşayır və əbədiyyətə qədər də yaşayacaqdır. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən.
Çox sağ olun, Fəttah müəllim. Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Oqtay müəllimin çıxışında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti hərtərəfli təhlil olundu, xalqımızın, dövlətimizin taleyində onun müstəsna rolu göstərildi. Mən yalnız bəzi məqamlar üzərində dayanacağam. Fikrimcə, bu məqamlar Heydər Əliyev fenomenini anlamaq üçün gərəklidir.
Siyasətçini görkəmli dövlət xadiminə çevirən nədir – müstəsna qərarlar tələb edən qeyri-adi şərait, yoxsa tarixin gedişinə təsir göstərməyə imkan verən xüsusi şəxsi keyfiyyətlər? Bu sual bir çoxlarını düşündürür. Hesab edirəm, şəraitin əhəmiyyətini azaltmadan deyə bilərik ki, Heydər Əliyevin fəaliyyəti həm cəmiyyətin ciddi sarsıntılara məruz qalmadığı şəraitdə, həm də Azərbaycanın bir dövlət kimi mövcudluğu məsələsinin gündəmdə olduğu dövrdə eyni dərəcədə uğurlu olmuşdur. 
1969-cu ildən başlayaraq 30 ildən çox müddət ərzində Heydər Əliyev yalnız məlum dövrdə respublikanın rəhbəri kimi hakimiyyətdən kənarda olmuşdur. Lakin onun Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə çalışıb-çalışmamasından asılı olmayaraq respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi hər yerində ağlı kəsən hər bir insan ölkənin böhranlı dövründə Heydər Əliyevin zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, onun simasında vətənini və xalqını sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.
Heydər Əliyev güclü, iradəli şəxsiyyət və sərt təbiətli siyasətçi idi. Lakin onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl o müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı.
Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledic olurdu. Lakin bu, amirlik, inadkarlıq və ya başqalarının fikrinə etinasızlıq kimi qəbul edilmirdi. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı.
İşdə kollegiallığa və demokratikliyə böyük əhəmiyyət versə də, Heydər Əliyev qərarların qəbulu üçün şəxsi məsuliyyətdən heç vaxt özünü kənara çəkmirdi. Şərait tələb etdikdə ən məsul qərarları belə təkbaşına qəbul edirdi. Lider, dövlət başçısı üçün son dərəcə zəruri olan bu gözəl keyfiyyət, əfsuslar olsun ki, onun sələflərində yox idi.
Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi, qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Zabitəli idi, məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı. Özfəaliyyətə yol verməsə də, təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Qüsurlara və çatışmazlıqlara son dərəcədə tənqidi yanaşırdı. Bununla belə, optimist idi. Əldə edilmiş yaxşı nə varsa, hamısına görə ürəkdən sevinir və onun bu sevinci insanlara da keçir, onları yaradıcı işə səfərbər edirdi.
Heydər Əliyev öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi. Düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkətləri etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, onun qərarlarını və hərəkətlərini anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi.
Heydər Əliyevin yüksək işgüzarlıq keyfiyyətlərini, rəhbərlik istedadını və bacarığını bütün obyektiv insanlar, hətta keçmişdə bu və ya digər səbəbdən cəzalandırılmış şəxslər də etiraf edirdilər. Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq Heydər Əliyevin rəhbərliyə qayıdışının zəruriliyini anlayır, ölkənin qurtuluşunu onun şəxsiyyəti ilə bağlayırdı. Bu insanların sırasında yaxın keçmişdə Heydər Əliyevə qarşı çıxış etmiş, qısa müddət keçdikdən sonra isə onun qanunvericilik orqanına sədr seçilməsi məqsədi ilə parlamentə çağırılması tələbini imzalamış deputatlar da var idi.
Heydər Əliyev nəhəng, uca və zabitəli şəxsiyyət idi, lakin o insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi. Yaxşını yüksək qiymətləndirir və yadında saxlayırdı. Son dərəcədə məşğul olmasına baxmayaraq, heç vaxt təmasdan qaçmırdı. Bu barədə deyirdi: “Hətta bilsəm ki, o insan mənim əleyhimədir, yenə də onunla görüşməkdən imtina etmirəm.” Mənim fikrimcə, bu yanaşma tərzi Heydər Əliyevin yuxarıda göstərdiyim keyfiyyətlərini, öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə inamını, habelə dinləmək və izah etmək bacarığını, hər kəsə səbirli, atalıq münasibətini şərtləndirən əsas amil idi.
Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi var idi. Xalqımız ona böyük hörmət və məhəbbət bəsləyirdi. Heydər Əliyevin bir müraciəti kifayət idi ki, heç bir təşkilatlanma olmadan insanlar qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasətini müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd edildikdə Heydər Əliyevin müraciətinə cavab olaraq on minlərlə Bakı sakini qısa müddət ərzində Prezident Administrasiyasının binası önündə toplaşaraq, xalqın kimin tərəfində olduğunu qəsdçilərə aşkar şəkildə başa saldı.
Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr  dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil etmişdir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünya baxışının yaranması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrildi. Biz naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas olduq. Özümüzü daha inamlı hiss etməyə başladıq. Gözümüzdə dəyərimiz yüksəldi.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi,  hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini xilas etdi. Bu dövrdə demokratik inkişafın əsasları qoyulmaqla uğurlu iqtisadi siyasət müəyyən edilib həyata keçirildi.
10 ilə yaxındır ki, Heydər Əliyev bizimlə deyil. Lakin onun dövrü indən sonra da uzun illər davam edəcək. Çünki bugünkü və gələcək inkişafımız onun qurduğu bünövrə üzərindədir.
Heydər Əliyev dünyasını dəyişməsi ərəfəsində də xalqının gələcəyini düşünüb, üzərinə böyük məsuliyyət götürərək gələcək dövlət başçısı haqqında xalqına uzaqgörən və müdrik məsləhətini vermişdir. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqı qarşısındakı misilsiz xidmətləri və parlaq şəxsiyyəti qədirbilən həmvətənlərinin xatirəsində əbədi yaşayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Siz o çətin günlərdə ulu öndərin dövlət rəhbərliyinə qayıdışının canlı iştirakçısı və şahidi olmusunuz. Çox sağ olun. Əli Əhmədov, buyurun.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən düşünürəm ki, hörmətli Arif Rəhimzadə emosional və təsirli çıxışı ilə bütün zala təsir etməklə qəlbimizdə Heydər Əliyevlə bağlı olan hissləri bir daha ifadə etmiş oldu. Hər bir xalqın malik olduğu milli sərvətin ən böyük ifadəsi onun yetişdirdiyi tarixi şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlər millətin gücünü ifadə edir, onun əzəmətini göstərir, tarixini formalaşdırır və eyni zamanda, gələcəyinə işıq saçır. Hesab edirəm ki, Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqı Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini daim yüksək qiymətləndiribdir. Hər il Azərbaycanda, Azərbaycandan kənarda, azərbaycanlıların yaşadığı ölkələrdə Heydər Əliyevin doğum günləri qeyd edilmişdir. Bu il Heydər Əliyevin anadan olmasının 90 illiyinin xüsusi təntənə və xalq sevgisi ilə qeyd olunması bütün azərbaycanlıların Heydər Əliyevin misilsiz xidmətlərinə böyük və heç zaman azalmayan qiymətini ifadə edir. Düşünürəm ki, bu həm də Heydər Əliyev şəxsiyyətinə hörmətin ifadəsidir.
Bir məqamı da vurğulamaq istəyirəm ki, bununla Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə və onun müəyyənləşdirdiyi yola öz hörmətini ifadə etməklə yanaşı, həm də bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən Heydər Əliyev siyasətinə münasibətini ifadə etmiş olur. Bu siyasəti dəstəklədiklərini birmənalı şəkildə və qətiyyətlə ifadə edirlər.
Heydər Əliyev Azərbaycan tarixində əhəmiyyətli bir rol oynayıb. Azərbaycanın müasir tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Eyni zamanda, onu da qeyd etməyi vacib bilirəm ki, Heydər Əliyev, sadəcə, tarix, keçmiş deyil. Heydər Əliyev tarix olmaqdan daha çox müasirlikdir, bu gündür. Bu gün Azərbaycanda Heydər Əliyevin ideyaları yaşamaqdadır. Onun ideyaları yenə də Azərbaycan xalqına xidmət edir, Azərbaycan xalqına faydalar gətirir. Bu gün Azərbaycan dövləti Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əzəmətli və etibarlı zəmin üzərində daha da qüdrətlənir, möhtəşəmlənir, güclənir. Bu mənada Heydər Əliyevin doğum günü xalqımız tərəfindən Azərbaycanın həm bu günü, həm də gələcəyi anlamında  qeyd edilir.
Heydər Əliyevin misilsiz xidmətləri arasında mən məxsusi olaraq  həm Azərbaycanın müasir, müstəqil dövlətinin qurulmasını, həm də müasir Azərbaycan cəmiyyətinin formalaşmasını qeyd etmək istəyirəm. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan cəmiyyəti, bugünkü mədəniyyət, bugünkü Azərbaycan sivilizasiyası, – əgər bu sözü indiki məqamda qeyd etmək mümkündürsə, güman edirəm, mümkündür, – Heydər Əliyevin misilsiz xidmətləri və fədakarlığı sayəsində formalaşıbdır.
İstər Heydər Əliyevin fəaliyyət göstərdiyi illərdə, istərsə də onun ideyalarının həyata keçirildiyi bu 10 ildə Azərbaycan cəmiyyəti kökündən dəyişib, yeni bir sima kəsb edibdir. Yeni münasibətlər, yeni dəyərlər formalaşıbdır. Bu yeni dəyərlər Azərbaycan cəmiyyətinin bu gününü və gələcək perspektivlərini təyin edir.
Heydər Əliyevin misilsiz xidmətləri və müəyyənləşdirdiyi dəyərlər içərisində azərbaycançılıq məfkurəsini ayrıca vurğulamağa, güman edirəm ki, indi ehtiyac var. Heydər Əliyev bu konsepsiyanı müəyyənləşdirərkən, sadəcə olaraq, Azərbaycandakı milli həmrəyliyi, konsolidasiyanı təmin etmək məqsədi güdmürdü. Baxmayaraq ki, konsepsiyanın müəyyənləşdiyi dövrdə bu cəhətlər xüsusi əhəmiyyət kəsb edirdi.
Bu gün xalqımızın müəyyən dərəcədə qavradığı azərbaycançılıq məfkurəsində Heydər Əliyevin Azərbaycanın inkişaf etdirilməsi,  Azərbaycan dövlətinin güclənməsi, qüdrətlənməsi konsepsiyası əks olunur. Burada bütün dünya azərbaycanlılarının birləşməsi, həmrəyliyinin təmin edilməsi reallıqları özünün əksini tapır. Güman edirəm ki, Heydər Əliyevin azərbaycançılıq konsepsiyası bugünkü Azərbaycanın uğurlarının kökündə dayanan həqiqətlərdən birini ifadə edir.
Heydər Əliyev həm böyük siyasətçi, müdrik, uzaqgörən dövlət xadimi, məsuliyyətli və tələbkar rəhbər, həm də insanlara yüksək qayğıkeşliyi ilə seçilən bir insan idi. Bu keyfiyyətlər Heydər Əliyevin timsalında və şəxsiyyətində qeyri-adi ahəngdarlıq təşkil edirdi. Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, bəzi hallarda tələbkarlığı, idarəçilik təcrübəsi insanlarımızda nə qədər böyük heyrət yaradırdısa, onun  insanlara, onunla bir yerdə işləyənlərə qayğı göstərməsi də o dərəcədə heyranlıq yaradırdı və bu, Heydər Əliyev şəxsiyyətinin və onun fəaliyyətinin ahəngdarlığını təmin edirdi.
Heydər Əliyevin ideyaları bu gün Azərbaycanın reallığı və gerçəkliyidir. Heydər Əliyev həmişə deyərdi ki, nə qədər Azərbaycan var, mən də varam. Həqiqətən, Heydər Əliyev Azərbaycanın bugünkü inkişafındadır. Heydər Əliyev Azərbaycanın bugünkü inkişaf tempinin, bugünkü həyatımızın reallıqlarının ecazkarlığındadır.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarının təmin edilməsində əhəmiyyətli, qüdrətli amil olaraq bu gün insanlarımız tərəfindən etiraf olunmaqdadır. Heydər Əliyev insanlarımız tərəfindən Azərbaycanın gələcək inkişaf perspektivlərinin üzərinə böyük işıq saçan mayak kimi qəbul olunur. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlər, uğurlar bir yandan insanlarımızın Heydər Əliyev  ideyalarına, onun şəxsiyyətinə böyük hörmətinin ifadəsi və təntənəsi kimi qəbul olunursa, ikinci bir tərəfdən Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fədakarlığının birmənalı nəticəsi olaraq təsdiq olunmaqdadır. Heydər Əliyevin qüdrəti (güman edirəm ki, bu cəhətlər də insanlarımız tərəfindən birmənalı şəkildə etiraf olunmaqdadır) hər şeydən əvvəl onun şəxsiyyətinin gücündə, malik olduğu fitri istedadında, iradəsinin böyüklüyündə, qətiyyətində və dövlətçilik təcrübəsində idi.
Mən Heydər Əliyevin gücünün bir məqamını da vurğulamaq istəyirəm. Bu da onun şəxsi nümunə gücü idi. Heydər Əliyev özünün bütün fəaliyyəti, davranışı, hərəkətləri ilə hər bir insana və bütövlükdə xalqa nümunə göstərib. Bu nümunə onun bütövlükdə gücünün, qüdrətinin əsasında dayanan amillərdən biri idi. Heydər Əliyev heç zaman özünə rəva bilmədiyini başqalarından tələb etməzdi. Eyni zamanda, Heydər Əliyev heç zaman başqalarına rəva bilmədiyini özü etməzdi. Beləliklə, Heydər Əliyevin bütün fəaliyyəti, bütün işləri, bütün davranışı bir nümunə olaraq cəmiyyətə təqdim olunurdu. Azərbaycan xalqı Heydər Əliyevə həm onun malik olduğu fitri istedadına, şəxsi gücünə və qüdrətinə, Azərbaycan xalqının qarşısındakı misilsiz xidmətlərinə, həm də cəmiyyətə göstərdiyi şəxsi nümunəsinə görə hörmət edirdi. Heydər Əliyevin gücünün kökündə dayanan bu amili də mən ayrıca vurğulamaq istəyirəm.
Sevindirici haldır ki, Heydər Əliyevin ideyaları bu gün də Azərbaycana uğur gətirməkdədir. Bu gün də Azərbaycan xalqı bu ideyalarla yaşayır, bu ideyalardan bəhrələnir, qida alır. Bu ideyalar Azərbaycanın gələcək qüdrətinin kökündə dayanan əsas amillərdən biridir. Nə qədər Azərbaycan var, o qədər Heydər Əliyev yaşayacaq, o qədər Heydər Əliyev ideyaları Azərbaycan millətinə, Azərbaycan dövlətinə faydalar gətirəcəkdir. Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Zeynəb Xanlarovaya söz verilir.
Z.Xanlarova. Heydər müəllimin haqqında çox sözlər deyilib. Mən də çox sözlər deyə bilərəm. Ataların gözəl bir sözü var: “Görünən dağa nə bələdçi?”. Heydər Əliyev elə bir dahidir ki, onun haqqında yazılan kitablar, deyilən sözlər o dağın qarşısında çox sönük görünür. Heydər Əliyev Allah tərəfindən yer üzünə göndərilən bir möcüzədir. Biz çox xoşbəxt xalqıq ki, Heydər Əliyev bizim payımıza düşüb.
Bəli, hərəyə bir istedad verilir. Mənə oxumaq istedadı verilib. Mən əgər necə danışıramsa, mənə onu bağışlamaq olar, çünki mənim istedadım o danışanlarda ola bilməz. Ona görə məni bağışlayın.
Hərdən mən Heydər Əliyevə qarşı çıxan o insanlara çox əsəbiləşirəm və gülürəm. Azərbaycan xalqına “Vəzirovun ətrafında birləşin, “Əliyevşina”dan qurtarmaq lazımdır” deyə müraciət edirdilər. Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyib Prezident Aparatında oturublar. Məndən inciməsinlər, mən ürəyimdən gələn sözləri deyirəm. Mən Heydər Əliyevin ailəsinə ürəkdən bağlı olan adamam və nə qədər həyatda yaşayıramsa, o bağlılıq məndən qopmayacaq.
91-lər mənim evimdə təşkilatlanıb. 91-lər qurulanda Sirus müəllim deyirdi ki, ay Zeynəb xanım, bu kişinin verdiyi çörəyi yeyənlərin qapılarına gedirəm, deyirlər, “sən Allah, uzaq edin, uzaq edin, uzaq edin”.  Həmin o “uzaq edin” deyənlər, Oqtay müəllim, indi “Heydər Əliyev, İlham Əliyev” deyirlər. Mən açığını deyim ki, bundan çox əsəbiləşirəm. Sonra da deyirlər, Zeynəb deyir ki, “kişi sözü”. Adam kişi olar da... Dünən bir cür olanlar bu gün başqa cürdürlər. Sevirsinizsə, o vaxt da sevəydiniz.
Sədrlik edən. Ay Zeynəb xanım, indi ağılları başlarına gəlib, çox dərinə getmə. (Alqışlar.)
Z.Xanlarova. Oqtay müəllim, çox sözlər deyə bilərəm. Qəlblərinə toxunmasın. Prezident Aparatında elə adamlar var ki, inanın, təxribatı yaradanlar onlardır. Mən bəzilərini çıxıram, hamını demirəm. Orada elə adamlar var ki, hər şeyi müxalifətin üstünə atırlar. Vallah, müxalifət bunların yanında yalandır. Adamın düşməni olanda, Oqtay müəllim, deyirsən ki, bu, düşməndir və ondan özünü qoruyursan. Ancaq qorxulu düşmən odur ki, sənin qabağında gülüb-danışır, obraza girir, artistlik edir. Necə mənim üçün artistdir deyirlər, həmin o adamlar anadangəlmə SSRİ xalq artistləridir. (Alqışlar.)
Əzizim Oqtay müəllim, mən çox danışaram, amma istəmirəm, sonra desinlər ki, “xaricləyirsən”.  Heydər müəllimin çox sevdiyi gözəl bir şeir var, mən onu muğamatda oxuyuram. Əlbəttə, yeri deyil, mən bunu muğamatda oxuyum. O bunu çox sevərdi. İstəyirəm, bu sözləri oxuyum ki, onun ruhu xoş olsun, çünki o bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində heykəlləşən, taxt quran böyük bir insandır. Mənim üçün o “yox” deyil, o “var”. Elə bilirəm ki, onun üçün oxuyuram:

Gəlin sizə söhbət açım, ürəyimin sözündən,
Yenə könlüm pərvaz eylər bu bayramı görəndə.
Mən öpürəm ağbirçəkli anaların üzündən,
İnsan oğlu cavan qalar etibarı görəndə.

Bu torpağın hər daşında yüz igidin adı var,
Qoy çəkməsin ayağını bu yerlərdən ilk bahar.
Vurğun deyər unudulmaz Heydər kimi oğullar,
Vətən mülkü azad yaşar İlhamını görəndə. (Alqışlar.)

Oqtay müəllim, fikrim yarımçıq olmasın. Bu, siyasətçi ailəsidir. Xalqın içində olan adamlarıq, bunları deməsək, olmaz. Boğazdan yuxarı nə qədər söz deyərlər, gəlin ürəkdən gələnləri deyək. İnanın, İlham müəllimin hakimiyyətə gəlməsi xalqı çox sevindirdi. Onun etdikləri, gördüyü işlər deməklə qurtaran deyil. O qədər olub ki, palçıqlı rayonlarda maşınların üstündə xalça salıblar, konsert vermişik. İndi mən dünyanı gəzirəm. Deyirlər, vallah, bu 10 ildə İlham Əliyevin etdiyini heç bir prezident 50 ilə də edə bilməzdi. Mən bununla fəxr edirəm. (Alqışlar.)
Oqtay müəllim, mən bacımız haqqında da bir kəlmə deyəcəyəm. Mən Mehriban xanımı Janna Darka oxşadıram. O, Azərbaycanın Janna Darkıdır. (Alqışlar.) Azərbaycanın Dianasıdır, yetim-yesir anasıdır. Axundovdan bu tərəfə 7–8 prezident görmüşəm. Heç birinin xanımı bu qədər insanların içində olmayıb.
Məktəblərdir, bağçalardır, qocadan tutmuş böyüyə qədər hamının əlləri yuxarıdadır. Vallah, mən sənətkar adamam, nə yaltaqlığı bacaranam, nə də başqa bir şeyi. Mənim boğazım var, mənə bəsdir. Ancaq olanı deməsən, Allah adamın başına daş salar. Mən istəyirəm, o adamlar ki Heydər Əliyevin çörəyini yeyiblər, onlar dəyişməsinlər. Onun oğluna da,  balalarına da, nəvələrinə də bu münasibəti göstərsinlər.
İsraildə tanıdığım çox gözəl bir insan var. Onun oğlu Moskvada oxuyur. O deyir ki, Zeynəb xanım, mən Bakıda yaşamışam, Leyla xanım  uşaq idi. O qədər işi necə görür? Bütün dünyaya səs salıb, hər yerə gedir.   Cavanlığı ilə çox işlər görür. Mən də deyirəm ki, o, siyasətçi ailəsində, Heydər Əliyevin ailəsində doğulubdur, başqa cür ola da bilməz. Allah  İlham müəllimi, Mehriban xanımı, ailəsini – hamısını Azərbaycan xalqına çox görməsin. (Alqışlar.)
Sədrlik edən. Zeynəb xanım az danışır, amma ürəkdən danışır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Buyursun Eldar İbrahimov. Eldar müəllim o dövrlərdə, 1993-cü ildə cənab Prezidentin yanında olan insanlardan biridir. Buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu gözəl may günlərində qədirbilən xalqımız müstəqilliyimizin memarı, hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük coşqunluqla bayram edir. Ümummilli liderin qurucusu olduğu bugünkü Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında həyatın ən müxtəlif sahələrində əldə etdiyi uğurlarla dünyanı heyrətləndirir. Bu isə, sözün əsl mənasında, Heydər Əliyev siyasətinin təntənəsi olmaqla yanaşı, həm də dövlətçiliyimizin necə sağlam təməllər üzərində qurulmasının göstəricisidir.
Belə bir əlamətdar gündə təqdimatı keçirilən “Parlament tariximizin Heydər Əliyev dövrü” adlı kitabı ulu öndərin yubileyinə Milli Məclisin töhfəsi kimi dəyərləndirirəm.  Milli Məclisin nəşri olan nəfis şəkildə tərtib olunmuş bu maraqlı kitab üçün ilk növbədə parlamentimizin Sədri hörmətli Oqtay müəllimə öz təşəkkürümü bildirirəm. Kitabda Heydər Əliyevin ilk dəfə respublikaya rəhbərlik etdiyi, sonralar Kremldə çalışdığı illərdə Azərbaycanın iqtisadi, milli və mənəvi dirçəlişi üçün gördüyü işlər, gələcək müstəqillik naminə atdığı addımlar geniş əks olunmuşdur. Məni yaxşı mənada heyrətləndirən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün sənədlərlə təfsilatı ilə yerli-yataqlı əks olunmasıdır. O dövrdə Naxçıvanda yaşayarkən Heydər Əliyevlə birlikdə çalışan şəxs kimi deyə bilərəm ki, yaradıcı kollektiv qarşıya qoyduğu məqsədə nail  olmuşdur. Heydər Əliyevin Ali Sovetin sədri kimi gərgin fəaliyyəti, sonrakı dövrdə yeni qanunvericilik sistemimizin təşəkkülündə gördüyü işlər də bu nəşrdə hərtərəfli öz əksini tapmışdır. 
Müasir Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, canından artıq sevdiyi xalqının müstəqillik ideyasını reallığa çevirməklə öz adını milli tariximizə əbədi həkk etmiş nadir şəxsiyyətdir.   Heç də təsadüfi deyildir ki, ən yeni tariximizin Heydər Əliyev dövrü dünya siyasətçiləri tərəfindən Azərbaycanın inkişafında keyfiyyətlə yeni bir eranın başlanğıcı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev ulu öndərin 90 illiyi ilə bağlı sərəncamında  ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlətin qurulmasını xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək, bu uğurun  əldə edilməsində müstəqilliyimizin memarı Heydər Əliyevin əvəzsiz rolunu xüsusi vurğulamışdır. Ulu öndər siyasi fəaliyyəti dövründə həmişə xalqının mənafeyini düşünmüş, bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Onun Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər  milli tariximizə tərəqqi illəri kimi daxil olmuşdur. Heydər Əliyev hələ o vaxt Azərbaycanı  müstəqil ölkə kimi görürdü. Məhz bu dövrdə aparılan məqsədyönlü siyasət sahəsində xalqın milli oyanışı üçün əlverişli şərait formalaşdı.
Keçmiş İttifaq rəhbərliyində işlədiyi illərdə də bu uzaqgörən siyasətçi Azərbaycanın  bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni əsirgəmirdi. İttifaq rəhbərliyindən uzaqlaşdıqdan sonra da o həmişə Vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin Qanlı yanvar hadisələrini kəskin tənqid edən Heydər Əliyev tezliklə vətənə döndü. Çox tez bir zamanda o, Azərbaycan Respublikası Ali Sovetinə  və Naxçıvanın ali qanunvericilik orqanına deputat seçildi. Blokada şəraitində olan Naxçıvana çox çətin zamanda rəhbərlik etməyə başladı. O, Naxçıvan Muxtar Respublikasında milli dövlətçilik ənənələrimizin bərpasında, müstəqilliyin əldə edilməsində, bu gün ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasında müstəsna xidmətlər göstərdi.
Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidar tərəfindən buraxılan kobud səhvlər  ölkədə vəziyyəti gərginləşdirmişdi. 1993-cü ilin yayında vəziyyət getdikcə daha kəskin xarakter alırdı. Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Belə bir mürəkkəb şəraitdə – iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Bu qayıdış, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar ölkənin Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun  gününü Azərbaycan xalqının Milli qurtuluş günü elan etdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı.
Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən Heydər Əliyev qanunun  aliliyi, azad  vətəndaş  cəmiyyət   prinsiplərinin  bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı. Ulu öndər qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırdı, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratdı, ali qanunverici orqana müasirlik və siyasi mədəniyyət gətirdi.
Keçid dövründə davamlı inkişafa zəmin yaradan mükəmməl qanunvericilik sisteminin formalaşdırılmasının zəruriliyini düzgün dəyərləndirən ulu öndər ilk növbədə, müdafiə sisteminin hüquqi bazasının möhkəmləndirilməsinə diqqət yetirdi, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu təmin etdi.
Hörmətli deputat həmkarlarım, mübaliğəsiz  demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu. Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlayırdı, bu əlaqələrin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmirdi. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu.
Heydər Əliyevin hakimiyyətə  qayıdışından sonra ölkədəki xaos və anarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu, dövlət çevrilişi cəhdlərinin və terror  aktlarının  qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq mühafizə, məhkəmə sistemi yenidən quruldu. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı. Ölkəmizə investisiya axını başlandı, iqtisadiyyatda  islahatlar aparıldı.
Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu  bütün dövrlərdə  kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Müstəqil Azərbaycanın başçısı kimi onun bilavasitə rəhbərliyi və iştirakı ilə “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar qəbul edilərək aqrar islahatları aparmaq üçün qanunvericilik bazası yaradıldı. Torpağın öz sahibinə qaytarılması, aqrar bölmənin dövlət himayəsi ilə əhatə olunması Heydər Əliyev siyasətinin təntənəsi oldu. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün müasir tələblər səviyyəsində davam etdirilir. Onun prezidentliyinin ilk dövrlərində kənd təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, məhsul istehsalçılarının stimullaşdırılması və digər məsələlər  haqqında imzaladığı sərəncamlar bunun əyani sübutudur.
Əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamının məntiqi nəticəsi kimi Azərbaycan böyük dövlətlərin yüz illər ərzində keçdiyi yolu qısa zaman kəsiyində qət edərək böyük nailiyyətlərə imza atdı. Ölkənin neft strategiyasının reallaşmasına əlverişl imkan yaranması 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlamasını təmin etdi və bu, ölkəmizə böyük strateji uğur gətirdi. Hazırda Azərbaycan regionda lider dövlətə çevrilərək dünyanın ən dinamik inkişaf edən ölkəsidir.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar, həqiqətən, heyrətamizdir. Azərbaycan artıq xarici dövlətlərdən yardım alan ölkədən onların iqtisadiyyatına sərmayə yatıran dövlətə çevrilmişdir. Ölkəmizin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidilir. Ölkənin paytaxtı Bakı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bəli, Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilmişdir. Ümummilli liderin əbədiyaşar ideyaları sönməz bir mayak kimi müstəqil Azərbaycanımızı yeni-yeni zirvələrə səsləyir.
Çıxışımın sonunda həmkarlarımı ulu öndərin 90 illik yubileyi münasibəti ilə təbrik edir, Heydər Əliyevin bizlərə ərməğan etdiy müstəqil, qüdrətli Azərbaycan naminə hamını birliyə, həmrəyliyə səsləyirəm! Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. İndi Əli Hüseynliyə söz verilir. Əli Hüseynli də Heydər Əliyevin gənclər siyasətinin yetirməsidir. İndi Milli Məclisdə komitə sədridir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Oqtay müəllim. Bugünkü yubiley iclası həm də bizə Heydər Əliyevin yaxın silahdaşlarını bir daha dinləmək üçün bir şans oldu. Heydər Əliyevin böyük tarixi şəxsiyyət olması həm də onunla sübuta yetir ki, hər il onun ad günü, yubileyi qeyd olunanda bu mötəbər insanlar müxtəlif kürsülərdən onun haqqında sözlər deyirlər və biz hər zaman o sözlərin yeni olduğunu görürük.
Hörmətli həmkarlar, əslində, 80-ci illərin sonlarında – 90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi fikrində ciddi bir boşluq mövcud idi. Mütərəqqi, vətənpərvər Azərbaycan gəncliyi özünün yeni liderini, yeni simvolunu axtarırdı. Həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda təhsil alan yüzlərcə gənc üçün yeni lider artıq Heydər Əliyev idi. Onun 20 yanvar faciəsindən sonra  SSRİ-nin paytaxtı Moskvada etdiyi çıxış artıq bütün mütərəqqi Azərbaycan gəncliyinin yeni siyasi seçimini göstərdi. Bu milli gənclik sonradan yanılmadığına əmin oldu, çünki məhz Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra ilk milli qərarları qəbul etdi.
Onun bu qərarları Azərbaycanın müstəqillik tarixindən daha qədim idi.  Azərbaycan növbəti müstəqilliyinə 1991-ci ildə nail oldu, amma artıq 1990-cı ildə Naxçıvan Muxtar Re-spublikasının adından “sovet sosialist”   sözlərinin çıxarılması, üçrəngli bayrağın qalxması və bu cür digər qərarlar artıq o dövrdəki insanları onun ətrafında birləşdirirdi.  Bu gün parlamentdə Heydər Əliyevin 90 illiyinin belə yüksək səviyyədə qeyd olunması heç də təsadüfi deyil, çünki, əslində, müasir Azərbaycan parlamentarizminin  banisi məhz Heydər Əliyev idi. O, müxalifətdə olduğu dövrdə və bu zalda çıxış edərkən  xalqın fikrini qətiyyətlə çatdırırdı.  Bu parlamentə rəhbərlik etdiyi 4 ay ərzində o, ciddi təmkin, dözümlülük, plüralizm nümayiş etdirdi. Eyni zamanda, digərlərinə, özündən əvvəl parlamentə rəhbərlik etmiş şəxslərə bir daha dərs vermiş oldu ki, əsl parlamentarizm mədəniyyəti, aşkarlığı, demokratiyası necə olmalıdır.
Əlbəttə ki, 1994–1995-ci illərdə dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Heydər Əliyevin həm də bir böyük hüquqşünas kimi qəbul etdiyi ən düzgün qərar Azərbaycanın yeni Konstitusiyasının qəbul edilməsi oldu. Bu Konstitusiya Azərbaycanın gələcək inkişafının fundamentini qoydu. Bütün dünyaya məlum oldu ki, müsəlman Şərqində  hüquqi, demokratik, qanunun aliliyinə söykənən  yeni bir müstəqil dövlət yaranır. Bu müstəqil dövləti digər dövlətlərdən fərqləndirən cəhət ondan ibarət idi ki, onun müstəqilliyi real idi.
Heydər Əliyevin 10 illik prezidentlik dövründə qəbul etdiyi qərarlar, islahatlar postsovet ölkələrin bir çoxundan fərqlənirdi. Hələ indi belə post-sovet ölkələrinin bir çoxunun qəbul edə bilmədiyi qərarları Heydər Əliyev qısa zaman içərisində qəbul etdi. Bu qərarları sivil Avropa, Qərb dövlətləri yüzilliklər boyu qəbul edə bilməmişdilər. Vaxtilə Konstitusiyada ölüm cəzasının artıq ləğv olunacağı nəzərdə tutulmuşdu. 2000–2001-ci illərdə Azərbaycan Avropa Şurasına, Avropa təsisatlarına inteqrasiya olmağa başlayanda bu qərarların nə qədər düzgün olduğu hamımıza məlum oldu. Artıq Azərbaycanın hüquq sistemi ilə mütərəqqi Avropa dövlətlərinin hüquq sistemi arasında ciddi bir ziddiyyət yox idi.
Hörmətli həmkarlar, əlbəttə ki, bu gün Azərbaycanın ən böyük nailiyyəti onun hüquqa, qanunun aliliyinə, demokratik təsisatlara söykənən bir dövlət olmasıdır. Onun fundamenti çox ciddi əsaslar üzərində qurulub. Hamımız bilirik ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyini əbədi etmək idi. O bu müstəqilliyin əbədi olmasına nail oldu. Bu gün bu müstəqilliyin əbədiliyini təmin edən cənab Prezident İlham Əliyevdir. Amma  bu gün o da hamımıza məlumdur ki, Azərbaycan xalqının Heydər Əliyevə  sevgisi, məhəbbəti əbədidir. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Əli müəllim.
Sonra deyərlər ki, Milli Məclisdə gender proqramını pozuruq. Bahar xanım, buyurun.
B.Muradova. Oqtay müəllim, çox təşəkkür edirəm. Mən elə Əli Hüseynlinin bitirdiyi son sözdən başlamaq istəyirəm. Heydər Əliyevə olan sevgi, məhəbbət tükənməzdir, sonsuzdur. Bunu söyləyərkən  Süleyman Dəmirəlin  sözləri yadıma düşür. O bu sözləri mənə Heydər Əliyevin vəfatının ildönümündə, İstanbulda keçirilən bir tədbirdə demişdi. O söyləmişdi: “Heydər Əliyevin zamanında, xüsusilə onun ikinci dövr hakimiyyəti zamanında məndə çox böyük inam yaranmışdı. Hər gün təsdiq olunurdu ki, qüdrətli Azərbaycan dövlətinin yaranması üçün bütün imkanlar var və bu işi irəliyə aparan bir lider, şəxsiyyət hakimiyyət başındadır. Amma Heydər Əliyevdən sonrakı dövrü düşünəndə məni bir narahatlıq bürüyürdü ki, Heydər Əliyevdən sonra necə olacaq? O, sözlərini ümumiləşdirərək bu qənaətini bizimlə bölüşmüşdü: “Bu 1 il ərzində mənim gördüklərim, etdiyim müşahidələr, çıxardığım nəticələr onu deməyə əsas verir ki, Heydər Əliyev özünün böyük Azərbaycan sevgisini hər bir Azərbaycan vətəndaşının  qəlbinə hopdura bilmişdir”. 
Bəli, bu gün Azərbaycanın inkişaf etməsinə, onun çiçəklənməsinə,  qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsinə əsas yaradan amil böyük Azərbaycan  sevgisidir. Bu sevgini bizim qəlbimizə Azərbaycanın ən böyük azərbaycanlısı, ümummilli liderimiz Heydər Əliyev  hopdurub. İçində sevgi daşıyan insan hər şeyə sevginin, məhəbbətin gözü ilə baxır. Onu əhatə edən mühitə, mənsub olduğu xalqa, millətə, qurucusu, vətəndaşı olduğu dövlətə, cəmiyyətə, özünün təbii sərvətlərinə, tarixinə, mədəniyyətinə, gələcəyə baxışlarına – hər şeyə sevgi ilə baxır. Mənim anamın bir sözü var idi, deyirdi: “Sevgi ilə görülən işdən gül ətri gələr”. Bu gün Azərbaycan çiçəklənir, haraya baxırsan, göz oxşayır.  Azərbaycanın çiçəklənməsi, inkişafı ümummilli liderin istəyi, arzusu,  reallaşacağına inandığı xəyalları idi. Bizim hər birimizə bu inamı sirayət etdirmişdi ki, tutduğun işin qulpundan peşəkarlıqla, ürəklə və səmimiyyətlə yapışırsansa,  uğur səni mütləq müşayiət edəcək,  nəticə istədiyin kimi olacaqdır. O bunu təkcə sözdə söyləmirdi, eyni zamanda, həyatı, fəaliyyəti, bütün ömrünü həsr etdiyi Azərbaycan uğrunda mübarizəsi ilə sübut edirdi.
Biz bu gün burada Heydər Əliyev haqqında danışırıq,  kövrəlirik, sevinirik, gülürük. Bu, ən böyük insana, bütün keyfiyyətləri ilə gözümüzün önündə dayanan bir insana insani münasibətimizdir. Biz Heydər Əliyevi təkcə siyasi lider, uzaqgörən dövlət xadimi, öz xalqını və dövlətini irəliyə aparmaq üçün bütün fədakarlıqlara hazır qətiyyətli bir lider kimi deyil,  həm də bir insan kimi tanımışıq, yaddaşlarımızda, qəlblərimizdə saxlamışıq.  Heydər Əliyev 10 ildir dünyadan köçüb. Amma biz ötənlərə boylandıqca, onunla olan təmasları, görüşləri, onun söhbətlərini,  münasibətini xatırladıqca  həm bir nisgil, xiffət hissi keçiririk, amma daha  çox qürur və fəxarət hissi duyuruq. Çünki Heydər Əliyev adidən aliyə  hər kəsi heyrətdə  saxlamağı bacarırdı, qəlblərə nüfuz edən böyük harizması var idi. Dahi bir şəxsiyyət, dəmir məntiqə, qeyri-adi keyfiyyətlərə malik idi. Bütün bu keyfiyyətləri ilə də yaddaşlara həkk olmuşdur. 
Heydər Əliyev şəxsiyyətinə hansı yöndən nəzər salsan, onu hansı istiqamətdən qiymətləndirsən, insanı heyrət bürüyür. Biz həyatda ən müxtəlif hadisələr qarşısında fərqli hisslər keçiririk: sevgi, qorxu, təəccüb,  qəzəb, nifrət hissi. Amma mənim üçün sona qədər açılmayan hiss heyrət hissidir. Çünki insanda heyrət doğurmaq üçün səbəbi və məzmunu tam izah edilməyən böyük keyfiyyətlərə malik olmalısan. Heydər Əliyev şəxsiyyəti daim heyrət doğurur və heyrət qədər də sevgi, məhəbbət doğurur.
Bu gün Heydər Əliyevi yaşadan ona olan sevgidir, məhəbbətdir. Mən bütün bunları təsadüfi saymıram. Çünki bizim hər birimizin  qarşısında dayanan hədəf doğulduğumuz bu torpağın, vətəndaşı olduğumuz ölkənin, respublikanın inkişafıdır. Bu inkişaf yolunun düzgün müəyyənləşdirilməsi isə məhz Heydər Əliyevin xidmətidir. Bizim hər birimiz bu gün Azərbaycanın rifahını yalnız Heydər Əliyev yolunun daimi və davamlı olmasında görürük. Bu dahi insanı yalnız bədxahlar və nadanlar sevməyə bilərlər. Mənəvi gücü, siyasi harizması, özünün qüdrətinə olan sonsuz inam, insani keyfiyyətləri Heydər Əliyevə olan məhəbbəti şərtləndirmiş və o, insanların qəlbində, Zeynəb xanımın söylədiyi kimi, əbədi taxt qurmuş və heykəlləşmişdi. Ona görə də Heydər Əliyevin adı bizim üçün daim müqəddəslik rəmzi olaraq qalacaqdır.
Müdriklərin bir sözünü xatırlamamaq mümkün deyil. Söyləyirlər ki: “Əgər bu həyatda özündən sonra iz qoymaq istəyirsənsə, onda elə yaşa ki, sanki bu dünyada əbədisən”. Heydər Əliyev məhz elə yaşadı, Heydər Əliyev məhz elə işlədi. Onun qarşısına qoyduğu proqramların heç biri müvəqqəti hədəflərə hesablanmamışdı. O, Azərbaycanın daimi müstəqilliyinə, onun əbədiliyinə, dönməzliyinə  inanırdı və buna inanaraq da fəaliyyət göstərirdi, proqramlarını qururdu, bizləri irəliyə aparırdı, Azərbaycan vətəndaşlarını formalaşdırırdı. Azərbaycan vətəndaşlarının və ölkənin potensialını bir araya gətirərək onlara öz ölkəsinə xidmət etməyin yollarını göstərirdi. Bütün bunlar haqqında sonsuza qədər söylənilə,  danışıla bilər. Təsadüfi deyil ki, burada  Heydər Əliyev haqqında  söylənən hər bir fikir yeni kimi səslənir. Azərbaycanda elə bir an, dəqiqə, gün yoxdur ki, Heydər Əliyev böyük ehtiramla yada salınmasın, onun xatirəsi ehtiramla anılmasın, ona olan sonsuz sevgi, məhəbbət aşkar olunmasın.
Bəzən həm Azərbaycanda,  həm də Azərbaycandan kənarda bizi müşahidə edənlər sual verirlər ki, Heydər Əliyevə olan bu qədər böyük sevginin və ehtiramın səbəbi nədir? Buna səbəb Azərbaycandır. Özünün bütün üstün keyfiyyətləri, əldə etdiyi nailiyyətləri, vətəndaşlarının rifahı və inkişafı üçün yaratdığı şərait, mühit, özünün milli-mənəvi dəyərləri ilə,  bu salonda Heydər Əliyevin müəyyənləşdirdiyi xətt üzrə qəbul etdiyi qanunları bunların həyatda tətbiqi ilə bugünkü Azərbaycan dövlətidir. Bu gün biz Heydər Əliyevin müəyyənləşdirdiyi yolu gedirik.
Heydər Əliyev bu dünyadan köçsə də, heç zaman bizi tərk etmədi. Mən düşünürəm ki, o bizim gözlərimizdən qəlblərimizə əbədi köçdü. Mən bu gün bütün sözlərimin, fikirlərimin yekunu kimi onu söyləmək istəyirəm: ruhun şad olsun, Azərbaycan qədər əbədi lider. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən bilirəm, hamının ürəyi doludur. Ona görə də əvvəldən danışdıq ki, qısa çıxışlar  edəcəyik. İndi xahiş edirəm, Milli Məclisin Mətbuat katibi xidmətinin və Televiziya xidməti sektorunun hazırladığı Heydər Əliyevə ithaf olunmuş 8 dəqiqəlik bir filmə baxaq.

(Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf olunmuş film nümayiş etdirilir.)

Sədrlik edən. Çox sağ olun. Gündəliyin ikinci məsələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsidir. Hamınız bilirsiniz ki, Heydər Əliyev Fondunun sədri, həmkarımız, hörmətli millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə belə bir qərar layihəsi Milli Məclisə daxil olub. Bu layihə Milli Məclisin müvafiq komitələrində müzakirə edilib. Komitə sədrinə söz verməmişdən əvvəl xahiş edirəm ki,  layihənin təşəbbüsçüsü öz fikirlərini söyləsin, sonra müzakirəyə keçək. Buyurun, Mehriban xanım.
M.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik. Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlər ilə yaşayacaq.
Heydər Əliyev müdrik, güclü, cəsarətli, yüksək intellektə və əyilməz iradəyə malik bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istəyirəm ki, o, çox xeyirxah, mərhəmətli, humanist, adi insanlarla münasibətdə sadə və ədalətli insan idi. O, ömrünün müxtəlif çağlarında  ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi, elə bu salonda vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin adamların böyük əksəriyyətini bağışladı və bu qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiq etdi. Bu gün müzakirə etdiyimiz amnistiya aktı, əslində, bağışlama aktıdır və belə bir qərarın Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.
Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada olan bir çox mənfi halları yaxşılığa doğru dəyişmək mümkündür. Əsrlər boyu  insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları və prinsipləri olub. Diqqətinizə təqdim olunan qərar layihəsində təqribən 9 min  məhkumun amnistiya aktı siyahısına düşməsi nəzərdə tutulub və onlardan 2 mindən çoxunun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər. Gələcəkdə belə səhvlərə bir də yol verməyəcək, ailələrinə qovuşacaq, cəmiyyətimizdə öz yerlərini tutacaqlar. Mən hörmətli həmkarlarımı bu qərarı dəstəkləməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mehriban xanım, belə bir xeyirxah addıma görə çox sağ olun. İndi isə qərar layihəsinin təqdimatına keçək. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli həmkarlar! Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, ümummilli liderin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi sizlərə təqdim edilib. Bu sənədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb, bunun qanunvericilik texnikası baxımından mükəmməl, bu növ sənədlərin hazırlanmasında indiyədək mövcud təcrübəyə əsaslanaraq ərsəyə gəldiyi qeyd olunub və müzakirənizə təqdim edilibdir.
Amnistiya aktının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və təqdim edilməsi də cəmiyyətimiz tərəfindən alqışlanır. Çünki bu gün insanlarımızın düşüncələrində, – burada da qeyd etdiyimiz kimi, – Heydər Əliyevin sosial, ictimai və mədəni irsinin ən layiqli davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Bu barədə hörmətli Mehriban xanım da qeyd etdi. Məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını onların öz mahiyyətinə uyğun olaraq yenidən bərpa etdi. Təəssüf ki, 1992–1993-cü illər Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası və  parlamentin heç bir qərarı olmadan, qanunsuz şəkildə, yeddi yüzə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalmışdı. Həmin insanlar azadlığa çıxdıqdan sonra yenidən ağır cinayətlər törətdilər. Heydər Əliyev isə humanist əfv və amnistiya siyasətini elə balanslı şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı uğurla mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad edildilər, əfv olundular. Nəticədə qısa müddət ərzində Azərbaycanda ictimai-siyasi obyektivlik bərpa olundu.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Sonuncu amnistiya qərarı da Heydər Əliyev Fondu prezidentinin təşəbbüsü ilə parlament tərəfindən 2009-cu ildə qəbul olunmuşdu. Cinayət hüququ siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası məhkumların sayının azalmasına gətirib çıxaran müsbət amildir. Artıq uzun illərdir ki,  əhalinin hər yüz min nəfərinə nisbətdə cəza çəkən məhkumların sayına görə Azərbaycan keçmiş sovet respublikalarını qabaqlayıb və  Avropa ölkələri ilə bir sıradadır. Nəzərə alsaq ki, belə bir amnistiya qərarından sonra  təxminən doqquz min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir və bu, məhkumların ümumi sayının təxminən üçdə biridir, ölkəmiz yuxarıda qeyd etdiyim müsbət göstəricini yenə də qoruyub saxlayacaqdır.
Onu  da qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun bu təşəbbüsü həm də müxtəlif vaxtlarda parlamentdə, mətbuatda, cəmiyyətdə hüquq müdafiəçiləri tərəfindən səsləndirilmiş fikirləri reallığa çevirmiş oldu.
Amnistiya qərarı dörd hissədən ibarətdir. Birinci hissə amnistiya tətbiq ediləcək şəxslərin dairəsini müəyyənləşdirir.
Burada əvvəlki amnistiya qərarı ilə müqayisədə bir neçə fərqi vurğulamaq istərdim. Əgər əvvəlki amnistiya aktında cərimə cəzası təxminən min manat olan şəxslərə şamil edilirdisə, indi bu rəqəm iki dəfə artırılıb.
Əvvəlki amnistiya aktından fərqli olaraq burada cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin konkret məhdudiyyətlər müəyyən edilmədən cəzadan azad edilmələri nəzərdə tutulur. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, bu qərarda cəza çəkməkdən azad edilən şəxslərin sosial reabilitasiyası, onlara yardım göstərilməsinin təmin edilməsi üçün  zəruri tədbirlərin görülməsi də xüsusi qeyd edilir.
Amnistiya aktı nəticəsində 9 min adamın təxminən 2 mini azadlıqdan məhrumetmə cəzasından tamamilə azad olunacaq, təxminən 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaqdır. Eyni zamanda, bu amnistiyanın şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq edilməsi nəzərdə tutulur.
Amnistiya qərarının ikinci hissəsi özündə məhdudiyyətləri ehtiva edir ki, bu da cinayətin xarakterinə və ictimai təhlükəsizlik dərəcəsinə görə nəzərə alınmalıdır. Düşünürəm ki, həmkarlarımız da bu məhdudiyyətləri dəstəkləyəcəklər. Çünki əslində, amnistiya aktlarının mahiyyəti cinayət törətmiş şəxslərə deyil, ilk növbədə qadınlara, ahıllara, yetkinlik yaşına çatmayanlara, ilk dəfə cinayət törədənlərə yönəlib. Yəni burada subyekt ilk növbədə insandır, cinayət törətmiş şəxs deyil.
Amnistiya qərarının üçüncü hissəsi bu aktın hüquqi qüvvəsinin dəqiq çərçivəsini müəyyən edir. Belə ki, bu qərar dərc olunduğu gündən qüvvəyə minəcəkdir. Bu qərar layihəsinin 13-cü bəndini xüsusi vurğulamaq istəyirəm. Amnistiya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil olunacaqdır.
Nəhayət, amnistiya qərarının dördüncü hissəsində bu aktın tətbiqi qaydaları əks olunur. Bu hissədə amnistiyanın hansı orqanlar tərəfindən və hansı qaydada tətbiqi dəqiq müəyyən edilmişdir. Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam məsuliyyətlə qeyd etmək istəyirəm ki,  Azərbaycanın məhkəmə, hüquq mühafizə orqanları bunun daha tez icrasına nail olacaqlar.
Hörmətli millət vəkilləri, biz inanırıq ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu təşəbbüsü hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və cəzadan azad olunmuş minlərlə insan bayram ərəfəsində cəmiyyətə qovuşacaqdır. Biz  əminik ki, amnistiya vətəndaşlarımızın Vətənə, xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək və onların haqqa,  ədalətə inamını daha da möhkəmləndirəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Məncə, bu qərar layihəsini müzakirə etməyə ehtiyac yoxdur. Çox sağ olun. Xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.42 dəq.)
 Lehinə  114
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  114
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bir daha Mehriban xanıma belə humanist addıma görə  minnətdarlığımızı bildiririk.
Hörmətli millət vəkilləri, hamınızı ziyafətə dəvət edirik. Buyurun.


 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU