24.05.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 66

Milli Məclisin iclas salonu.
24 may 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 106  deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Pərviz Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini.
Siyasət Alıyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat və Nəzarət Baş İdarəsinin rəisi əvəzi.
Xəyalə Abbasova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Musa Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, İqbal Ağazadə, Eldar İbrahimov, Fazil Mustafa, Məlahət İbrahimqızı, Etibar Hüseynov, Elman Məmmədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Sahib Alıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Azər Badamov, Qənirə Paşayeva, Tahir Rzayev, Sabir Rüstəmxanlı, Çingiz Qənizadə, Zahid Oruc, Siyavuş Novruzov, Adil Əliyev, Pərviz Musayev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 80
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 82
Yetərsay yoxdur

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1-38-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Təklif:  39–60-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 61-82-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 96
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

24 may 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.03 dəq.)
İştirak edir  97
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.04 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  1
 Səs verməd 0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən bir sosial əhəmiyyətli məsələ barəsində fikir söyləmək və təklifimi vermək istəyirəm. Bu fikir milli qəhrəmanların statusu ilə bağlıdır. Azərbaycan müharibə dövründə çoxlu şəhidlər vermişdir. O şəhidlərin sırasında milli qəhrəmanlarımız da var. Hazırda 211 milli qəhrəmandan 17 nəfəri həyatdadır. Qalanları şəhid olublar. Allah rəhmət eləsin.
Məsələ burasındadır ki, şəhid olan milli qəhrəmanlarla həyatda qalan milli qəhrəmanların statusu arasında fərq var. Əgər “Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanunda Milli Qəhrəmanın dəfni, onun ailəsi ilə bağlı sosial təminatlar və güzəştlər nəzərdə tutulubsa, həyatda olan Milli Qəhrəmanla bağlı bu məsələ hələ öz həllini tapmayıbdır.
Bu yaxınlarda milli qəhrəmanlarımızdan biri vəfat etdi. Amma onun harada dəfn olunması, qəbrinin kim tərəfindən götürülməsi, dəfn xərclərinin hansı şəraitdə kim tərəfindən həyata keçirilməsi və sair məsələlər qanunvericilikdə olmadığına görə açıq qalmışdır. Mən hesab edirəm ki, Milli Qəhrəmanın statusu barədə kiçik də olsa, bir qanun qəbul etməliyik. Bu qanunda Milli Qəhrəmanın sosial təminatları, imtiyazları, mənzillə təmin olunması məsələsi, iş məsələsi, dəfn mərasiminin təşkili və harada dəfn olunması məsələsi, ictimai funksiyaları və sairə öz əksini tapmalıdır.
Hesab edirəm ki, bu məsələyə sistemli yanaşmaq lazımdır. Milli qəhrəmanlar həmişə dövlətin yanında olmalı, dövlət tədbirlərində iştirak eləməli və həmişə millətə nümunə göstərilməlidir. Bu həm bizim vətənpərvərlik ruhumuzun yüksəlməsinə və gələcəkdə hərbçilərimizin daha artıq qəhrəmanlıq göstərməsinə stimul yaradacaq, həm də milli qəhrəmanlara layiq olduqları, qazandıqları hüquqların, imtiyazların verilməsində ədaləti bərpa edəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi gəlir. Mən ilk öncə istərdim ki, bu münasibətlə, Oqtay müəllim, Sizi və deputat həmkarlarımı, eləcə də xalqımızı ürəkdən təbrik edim və hər kəsə könül rahatlığı arzulayım.
Bu bayramın qeyd olunmasında xidmətləri olmuş bir qrup sabiq millət vəkili mənə və başqa deputat həmkarlarıma müraciət eləyib. Onlar pensiya ala bilmirlər. Hesab edirəm ki, bu məsələdə sosial ədaləti bərpa eləməklə onlara yardımçı olmağımız həm də vətəndaşların bizim dövlətçiliyimizə hörmətinin artmasına xidmət etmiş olar.
Oqtay müəllim, mən istəyirəm ki, Milli Məclisin rəhbərliyi olaraq sizlər bu sabiq millət vəkillərinin pensiya məsələsinə baxasınız. Ona görə ki, keçmiş kommunist partiyasının funksionerləri, yəni rayon partiya komitələrində, eləcə də Mərkəzi Komitədə işləyən şəxslər, o cümlədən keçmiş hakimlər pensiya alsalar da, bu nədənsə yalnız sabiq millət vəkillərinə şamil olunmur. Mən hesab edirəm ki, bu məsələdə biz onlara yardımçı olmalıyıq.
Oqtay müəllim, sonda onu qeyd eləmək istəyirəm ki, bu yaxınlarda bizim şeyxin rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndələri hörmətli Fəttah müəllim, Eldar müəllim və başqalarının İrana, eyni zamanda, həmkarımız Elxan Süleymanovun rəhbərliyi ilə mənim və bizim energetika naziri Natiq Əliyevin də iştirak elədiyi nümayəndə heyətinin Sloveniyaya səfərləri oldu.
Hesab edirəm ki, bu səfərlərdə Azərbaycan həqiqətlərinin çatdırılmasında, dövlətlərarası münasibətlərin inkişafı və bəzi başqa məsələlərin müzakirə olunub müsbət həllini tapmasında bizim nümayəndə heyətlərinin və konkret olaraq deputat həmkarlarımızın böyük rolu olub. Mən, sadəcə, istəyirdim ki, bunu da Milli Məclisin tribunasından səsləndirim.  Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət bəy, deyirsiniz, nümayəndə heyətlərimiz xaricə gedir, ölkəmizi uğurla təmsil edirlər. Xaricə gedəndə ölkəsini, millətini təmsil eləmək onların birbaşa borcudur, təmsil də edirlər. Bu bütün qəzetlərdə açıqlanır, deyilir. Amma kimin ürəyindən keçirsə, – Milli Məclisdədir, – müzakirə dövründə bu barədə də danışa bilər, buyursun danışsın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Sabah Azərbaycanda növbəti tədris ili başa çatacaq və 130 minə qədər yeniyetmə məzun həyata vəsiqə qazanacaq. Heç şübhəsiz ki, bu son zəng təkcə onlar üçün deyil, eyni zamanda, bizim üçün çalınır. Bu baxımdan ki, o insanların taleyi, gələcəyi, cəmiyyətdə yeri bizim atacağımız addımlardan çox asılıdır.
Gəlin nəzərə alaq ki, əslində, cənab Prezidentin təhsil nazirini dəyişməsi həm də bu sferada bir sıra parametrlərin, məqamların onu qane etməməsi anlamına gəlir. Bu o deməkdir ki, ölkə başçısı ölkənin təhsil imkanlarının güclənməsini həm də bu dəyişikliklərdə görür.
Biz çox arzulayırıq ki, bu mənada ilk addımlardan biri kimi Azərbaycan müəlliminin hüquqi və sosial statusu güclənsin, bizim arzu etdiyimiz səviyyəyə çatsın. Çünki cəmiyyətin inkişafı həm də bundan asılıdır. Heç ola bilməz ki, müəllimlərin cəmiyyətdə mühüm dəyəri olmaya, amma cəmiyyət bütün parametrlər üzrə inkişaf eləyə. Mən çox arzulayıram ki, bu ölkənin iqtisadi inkişafı bütün parametrlər üzrə Azərbaycan müəlliminin həyatında güclü şəkildə hiss olunsun.
Biz Azərbaycan parlamenti olaraq gözləyirik ki, təhsil şöbələri icra hakimiyyətinə deyil, daha artıq dərəcədə Təhsil Nazirliyinə tabe olsun və bu idarəçilik effektli işləsin. Biz çox arzulayırıq ki, nəhayət, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birgə fəaliyyət qəbul prosesindəki bütün nöqsanları ortaya qoymaqla vahid bir işə çevrilsin. Çünki Azərbaycanın yüzlərlə məktəbi var ki, on illər ərzində universitetlər üçün bir tələbə belə yetişdirməyib. Bu bizim üçün siqnal olmalıdır. Məktəbin əgər funksiyası orta təhsil proqramını tam mənimsəmiş insanlar yetişdirmək deyilsə, bəs onda nədir?
Oqtay müəllim, komitəmiz tərəfindən elm haqqında qanun artıq hazırlanıbdır. Əminəm ki, o, növbədənkənar sessiya dövründə qəbul olunacaqdır. Çünki buna çox ciddi ehtiyac var. Azərbaycanın on min yüz  alimi var. Bizim əhalinin hər on mininə bir alim düşür. Yaponiyada bu rəqəm 30-dur. Bizimlə müharibə aparan Ermənistan təkcə bu parametr üzrə bizdən irəlidədir. Onlarda yeddi min səkkiz yüz alim var. Yəni orada 10 min nəfərə 3 alim düşür. Azərbaycanın kifayət qədər elmi potensialı var ki, bu ölkəni bütün sahələrdə təmsil eləmiş olsun. Ona görə də mən fürsətdən istifadə edərək bu son zəngi həm də parlament üzərində çalınmış bir zəng  sayıram ki, gələcəkdə təhsil və elm sahəsində daha ciddi addımlar ataq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Zahid müəllim, o zəng məsələsini bir az qarışdırırsan. Parlamentin son zəngi 2015-ci ilin noyabr ayında çalınacaq və onda  növbəti müddətə xalq qarşısında cavab verənlər seçiləcək. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk öncə bütün müsəlman Şərqinin ilk parlament cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə bütün həmkarlarımı və bütün insanlarımızı təbrik edirəm.
Hörmətli Musa müəllimin milli qəhrəmanlarla bağlı təklifini dəstəkləməklə yanaşı, iki təklifimi səsləndirmək istərdim. Hörmətli Sədr, bizim növbəti iclasımız səhv eləmirəmsə, mayın 31-də olmalıdır. 31 may Ümumdünya tütünlə mübarizə günüdür. Bizim Sosial siyasət komitəsində ictimai yerlərdə tütün məhsullarının, siqaretin çəkilməsinin qadağan olunması ilə bağlı qanun layihəsi var. Çox yaxşı olar, elə 31 mayda biz bu sənədi müzakirəyə çıxarıb birinci oxunuşda qəbul edək. Bu çox önəmli bir məsələdir. Çünki biz də bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşuq və o qanunun müzakirəsinə artıq çox ciddi ehtiyac var.
İkinci məsələ. Qarşıdan 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü gəlir. Bizə natamam, yəni valideynlərdən biri olmayan aztəminatlı ailələrin bir müraciəti var. Onlar bizdən dəstək istəyirlər.
Söhbət ondan gedir ki, milli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Uşaq hüquqları haqqında” Qanunun 30-cu maddəsində tək valideynli uşaqların sosial müdafiəsi xüsusi qayğıya ehtiyacı olanlar kimi nəzərə alınıb və bu da bu cür ailələri çox qane edir. Amma təəssüf ki, 2000-ci ildə “Uşaq hüquqları haqqında” Qanunda dəyişikliklər edilərkən nəinki valideynlərindən birini itirmiş uşaqların, valideyni I qrup əlil olanlar istisna olmaqla, hətta valideyni II qrup əlil olan uşaqların sosial müdafiəsi nəzərə alınmamışdır. Halbuki belə ailələrdə böyüyən uşaqların sosial müdafiəyə böyük ehtiyacı var. Ən azı təhsil sahəsində müəyyən güzəştlərin tətbiq edilməsi, dövlətin ali təhsil müəssisələrində ödənişli təhsil olanda onların ödənişdən azad olunması qanunda nəzərə alına bilər.
Belə ailələr onlara uşaqlarla bağlı bəzi məsələlərdə dəstək göstərilməsini xahiş edirlər. Ölkəmizin  daxili imkanları getdikcə artır.  Ona görə mən hesab edirəm ki, “Uşaq hüquqları haqqında” Qanuna yenidən baxılmalı və belə ailələrdə böyüyən uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, cənab Sədr. Mən də Cümhuriyyət günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Üç məsələyə öz münasibətimi qısaca olaraq bildirmək istəyirəm.
Birinci məsələ. Burada təhsildən danışıldı, Təhsil Nazirliyinin yeni islahatlarından söhbət açıldı. Təhsil Nazirliyi çox təəccüblü bir qərar verib. Prioritet universitetlər elan olunub. Qəribə budur ki, Amerikanın   84 universitetindən yalnız 3-ü prioritet hesab olunub, Belarus, Ukrayna və Rusiya universitetlərinin sayı isə 50-yə qaldırılıb. Mən başa düşmürəm, təhsildə yeni keyfiyyətlərdir bu? Dünyanın aparıcı universitetlərinin siyahısında heç  Belarus, Ukrayna və Rusiya universitetlərinin adı yoxdur. Amma Amerika universitetləri bizim siyahıdan çıxarılır. Biz təhsildə MDB ölkələrinə üstünlük veririk, ya SSRİ bərpa olunur, xəbərimiz yoxdur? Bu nə yanaşmadır, başa düşmürəm. Əgər Azərbaycan gəncinin təhsilini düşünürüksə, Azərbaycan gənci daha yüksək səviyyəli, daha keyfiyyətli təhsil verən universitetlərə doğru istiqamətlənməlidir. Mən də hesab edirəm, bu, Avropa və Amerika universitetləridir. Mən çox istərdim ki, bu məsələyə diqqət  edilsin.
İkinci məsələ kimi mən Vəkillər Kollegiyasının ləğv olunmasını tələb edirəm. Mən bunu bir dəfə xahiş eləmişdim, amma bu dəfə tələb edirəm. Birinci, hüquqi xidmət yerində bir kollegiya müəyyən eləməzlər. İkinci, müəyyən olunmuş bu kollegiya artıq cəza mexanizminə çevrilib. Hansı vəkil Vəkillər Kollegiyasının və ya iqtidarın siyasətindən kənar mövqe ifadə edir, dərhal onu cəzalandırma mexanizmi kimi Vəkillər Kollegiyasından çıxarır, yəni iş yerindən azad edirlər və o, artıq çörəksiz qalır. Bu proses dəfələrlə baş verir. İndi də Aslan İsmayılovla bağlı baş verib, onu Vəkillər Kollegiyasından uzaqlaşdırıblar. Bu yanaşma qeyri-məntiqi və çox pis presedent yaradan bir yanaşmadır. Əslində, hüquqla bağlı olan bu kontor xidmət kontorudur. Kim istəyir, getsin xidmət eləsin. Sifarişçinin xoşuna gələcək, onu məhkəməyə aparacaq, xoşuna gəlməyəcəksə, o kontor, ümumiyyətlə, ləğv olunmalıdır.
Üçüncü məsələ. Mən qəzet köşklərinin yığışdırılması ilə bağlı mövqeyimi ifadə eləmək istəyirəm. Azərbaycanda hər yerdə qəzet köşklərini sürətlə yığışdırır və artıq qəzet almaq üçün yer qoymurlar. Mən başa düşmürəm ki, bu, düşünülmüş siyasətdir, yoxsa bir yanlışlığın nəticəsidir. Rayonlara artıq qəzetlər getmir, rayonlarda qəzet oxumaq üçün seçicinin və vətəndaşın imkanı yoxdur, internet imkanları sıfırdır, Bakıda da artıq barmaqla sayıla bilən köşklər qalıb. Qəzetlərə əldə yayım imkanı yaradılmır. Qəzetlər çox ağır durumdadır.
Hörmətli Oqtay müəllim, xahiş edirəm, bu məsələlərə öz münasibətinizi bildirəsiniz və bu məsələlərin dayandırılması üçün bir tədbir görəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Baxarıq. Amma nə qədər ki Zahid Oruc da, İqbal Ağazadə də buradadır, mən bir şeyi demək istəyirəm. Hesab edirəm, kiminsə dalınca danışmaq bir az bizim millətimizə xas olmayan bir şeydir. Misir müəllim Azərbaycanda 14 il nazir olub, çox hörmətli nazir olub. Heç kim oturduğu yerdə axıra kimi qalmır, yenisi gəlir, dəyişir. İndi yeni bir kadr təhsil naziri vəzifəsinə təyin olunub. Aradan heç 3 ay keçməyib, başlamısınız onun dalınca danışmağa. İmkan verin, bu insanlar işləsinlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal müəllim, xahiş edirəm... Sən danışdın, sözünü kəsmədim ki? Bu nə xasiyyətdir, danışdığım yerdə replika atmağa başlayırsınız. Mənim replika atmağa imkanım daha çoxdur. Olmaz belə. Qurtarın bu məsələləri. Misir müəllim belə gəldi, filankəs belə getdi. Dövlətin rəhbəri var. Sərəncam verdi, bu məsələlər öz həllini tapdı. Bunları təzədən çözələmək, bu söz-söhbətlər nəyə lazım? Hesab edirəm, bunlar Milli Məclisə yaraşmayan söhbətlərdir. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, biz bu günlərdə, yəni mayın 18–21-də Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində deputat həmkarlarım Fəttah Heydərov, Şəmsəddin Hacıyev, Mübariz Qurbanlı və Cavanşir Paşazadə ilə birlikdə İranda olduq. İranda çox yüksək səviyyəli görüşlər keçirildi və bu görüşlərdə Azərbaycan–İran münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında söhbətlər oldu.
Səfərimizin birinci günü İran Prezidenti Mahmud Əhmədinejad ilə görüş oldu. Şeyx və hörmətli həmkarım Fəttah müəllim çıxış etdilər. Prezident bildirdi ki, sizin də tərəfdən, bizim də tərəfdən şeytanlar var və bunların qarşısını almalıyıq. İran ilə Azərbaycan qardaş ölkələrdir. Biz islam respublikasıyıq və siz də islam dəyərlərinə, milli-mənəvi dəyərlərə bağlı insanlarsınız. Ona görə də bizim aramıza gərək kimlərinsə girməyinə imkan verməyək.
Sonra biz İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneyi ilə görüşdük. Orada Şeyx və hörmətli Fəttah müəllim çıxış etdilər, danışdılar. Bizə hörmət əlaməti olaraq Xamneyi özü Azərbaycan dilində xeyli çıxış elədi, bu məsələləri müzakirə etdi. O da dedi ki, gərək  biz başqa adamları aramıza girməyə qoymayaq. Münasibətlərimiz çox yaxşıdır və get-gəlləri artırmalıyıq ki, münasibətlərimizi daha da yüksək səviyyədə qura bilək.
Sonra biz İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdük. Orada hörmətli Şeyximiz və mən çıxış etdim. Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə dair danışıqlar apardıq. Əsası Sizinlə Laricani tərəfindən qoyulmuş parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün gələcəkdə, seçkilərdən sonra parlament qruplarının qarşılıqlı səfərləri, eləcə də Laricaninin Azərbaycana və Sizin İrana səfərləriniz haqqında danışıqlar oldu. Mən hesab edirəm ki, bu münasibətləri biz gərək günü-gündən intensivləşdirək. 
İranda biz bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşdük. Görüşdə Şeyx və hörmətli həmkarım Mübariz müəllim çıxış elədilər və orada da eyni fikirlər səsləndi.
Sonra biz Qum şəhərində olduq, bu şəhərdə oxuyan  soydaşlarımızla  görüşdük. Şeyx və Şəmsəddin müəllim universitetdə çıxış etdilər. Orada Azərbaycan dili fakültəsinin açılması məsələsi də ortaya qoyuldu və yəqin ki, bunlar da olacaq.
Bir sözlə, mənim fikrim ondan ibarətdir ki, biz indi təkcə İran İslam Respublikası ilə yox, bütün qonşularımızla yüksək səviyyədə münasibətlər qurmalıyıq. Bizim indi qonşularımız arasında ancaq bir düşmənimiz var, o, ermənilərdir. Deputat həmkarlarımdan çox xahiş edirəm ki,  çıxışlarımızda qonşulara qarşı bir az diqqətli olaq, başqa ifadələr işlətməyək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımın 28 Mayla bağlı təbrikinə qoşuluram. Məlumdur ki, milli hökumətimiz Gəncədə yaranıb. 90 illik də keçdi. Mən çox istərdim ki, heç olmasa, 95 illikdə əvvəldən planlaşdıraydıq, Milli Məclisin bir yubiley sessiyasını Gəncədə keçirəydik. Çox yaxşı olardı. Qədirşünaslıq, tariximizə sayğı baxımından gözəl bir hadisə olardı.
İkinci, keçmiş deputatların status məsələsini mən də dəstəkləyirəm. Bir az öncə burada Oqtay müəllim çox doğru qeyd etdi ki, gedənlərin ardıyca danışmaq doğru deyil. Amma Azərbaycanda bu elə bil artıq bir  ənənədir. Biz gedənlərin ardıyca 20–25 ildir danışırıq. Gedən prezidentin ardıyca danışırıq, gedən deputatın ardıyca danışırıq. Bu deputatlar Azərbaycanın müstəqilliyinə səs veriblər. Onlardan sağ qalanların sayı uzaq başı olsun 30 nəfər. Status verilməsə də,  ən azı insanların xidmətini xatırlatmaq üçün, onlara sahib çıxmaq üçün, onların arasında fərdi qaydada seçim etmək, heç olmasa, kimlərəsə prezident təqaüdü vermək olar. Bunun nə ziyanı ola bilər?
Daha bir məsələyə – jurnalistlərə ev verilməsi məsələsinə toxunmaq istəyirəm. Ev almaq üçün çox sayda jurnalistlər müraciət edirlər. Burada kateqoriyaların bölgüsündə, məncə, müəyyən məsələlərə diqqət etmək lazımdır. Bu gün internet mediası bir çox hallarda çap mediasından sanki fərqli şəkildə qəbul olunur. Məncə, bütün kateqoriyalardan olan jurnalistlərə bu bölgünün ədalətli şəkildə aparılması ancaq işin faydasına olardı və bu insanlar da özləri qısa müddətdə bu məsələlərdə müəyyən avantaj qazanardılar.
Mən də Təhsil Nazirliyi ilə bağlı məsələdə bir şeyi qeyd etmək istəyirəm. Həqiqətən də, bizdə Qərb universitetlərinin sayının çoxalmasına və onların dövlət proqramına daxil edilməsinə ehtiyac var.
Bir də, dövlət proqramının böyük əksəriyyətini qazanmaq çox böyük çətinliklər bahasına olur. Ümid edirəm ki, bu dəyişəcək və xaricdə təhsil alan uşaqların böyük əksəriyyətinə ayrılmış dövlət vəsaiti büdcəyə geri qayıtmayacaq. Mən bildiyim qədər xeyli hissəsi geri qayıdırdı və orada təhsil alan tələbələrə şamil olunmurdu.
Digər tərəfdən, son vaxtlar qanunvericilikdə olan sərtləşməyə mən münasibət bildirmək istəyirəm. Məncə, seçkilər ili ərəfəsində cəzaların həddən artıq sərtləşdirilməsi, 3 ay müddətin uzadılması, inzibati həbslər və sair bir çox hallarda məntiqli nəticələr ortaya qoymur. Bu məsələlərə Məclis bir az daha təşəbbüskar formada yanaşmalıdır. Bu qədər sərtləşdirmənin Azərbaycanın demokratik imicinə zərbə vuracağına əminəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Sağ olun, Oqtay müəllim. Oqtay müəllim, mən də öz növbəmdə bütün həmkarlarımı və şəxsən Sizi, vitse-spikerlərimizi qarşıdan gələn 28 may Cümhuriyyət günü münasibətilə təbrik edirəm.
Mən Sizin diqqətinizə nəyi çatdırmaq istəyirəm. Mən dünən Şəmkirdə Gəncəbasar bölgəsinin qadınlarının iştirakı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən regional konfransda idim. Bu konfransda Azərbaycanın ictimai-siyasi həyatında, dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında və beynəlxalq təşkilatlarda təmsil olunan yüzdən çox tanınmış qadın iştirak edirdi. Onlar öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə  Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərə və ayrıca olaraq parlamentdə son illərdə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunlara görə öz minnətdarlıqlarını bildirdilər.
Bir neçə xahişləri oldu. Mən o xahişləri sizə çatdırmağı özümə borc bilirəm. Çıxışlarda söylənildi ki, möhtərəm Prezidentimiz Azərbaycanda qadınlar arasında sahibkarlığın inkişafı ilə bağlı sənədlər imzalayıb və  Nazirlər Kabineti tərəfindən də Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi sahəsində qadınlarla kişilər arasında olan müəyyən fərqlərin götürülməsi gender bərabərliyinin təmin olunmasında əsas şərtlərdən biri kimi göstərilir. Konfrans iştirakçıları Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlarda qadınlara müəyyən güzəştlərin verilməsi ilə bağlı dəyişikliklərin edilməsini xahiş etdilər. Çünki bu bir reallıqdır ki, sahibkarlıq fəaliyyətində qadınların təmsil olunması hələ də çox zəifdir. Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olar.  Ölkəmizdə bununla bağlı aparılan forumlarda da o baryeri keçən ancaq bir-iki qadın iştirak edə bilir.
Konfrans iştirakçıları xahiş etdilər ki, sahibkarlıq fəaliyyəti və kreditlərin verilməsi ilə bağlı olan qanunlarda qadınlara, heç olmasa, keçid müddəti üçün müəyyən imtiyazların verilməsi nəzərə alınsın. Çıxış edənlər, heç olmasa, körpə uşaqları olan analara, həyat yoldaşını itirmiş qadınlara tibbi sığortanın tətbiqinin çox vacib olduğunu bildirdilər və dedilər ki, Milli Məclis, eləcə də Milli Məclisin rəhbərliyi...
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Bildirmək istəyirəm ki, mən də bu ayın 15-dən 20-nə kimi Dünya Azərbaycanlıları Konqresinin İsveçdə təsis etdiyi Bütöv Azərbaycan Televiziyasının açılış mərasimində iştirak etmişəm. O müddətdə imkan tapıb həmin ölkədə keçirilən “Eurovision” yarışmasında iştirak edərək öz həmyerlimizi dəstəklədim. Sözümə başlamamışdan əvvəl bizim “Eurovision”da qazandığımız parlaq qələbə münasibətilə bütün xalqımızı təbrik etmək istərdim. Bir məqamı qeyd edim ki, həmin zalda bizim qələbəni tək azərbaycanlıların deyil, digər xalqların nümayəndələrinin də böyük sevinclə qarşıladığını və bununla bərabər sanki böyük bir məğlubiyyətə düçar olmuş, sifətlərinə böyük bir bədbinlik çökmüş erməniləri gördüm.
Təəssüflər olsun ki, vətənə döndükdən sonra o ermənilərin çöhrəsində olan bədbinliyi bir çox həmyerlilərimizin də sifətində gördüm. Bu çox təəssüf doğurur ki, ermənilərin – bizim düşmənlərimizin bu qələbə ilə bağlı yazdıqları qərəzli yazıları bizimkilər də böyük təmtəraqla, daha cəlbedici başlıqlarla öz mətbuat səhifələrimizdə yayırlar. Bilirsiniz, bu cür insanları saxlayanda, aparıb layiq olduqları məkanlarda işlədəndə, oraları təmizlədəndə bir çoxları onların müdafiəsinə qalxır.
Çox təəssüf ki, hətta parlamentin ötən iclasında hörmətli həmkarımız İqbal bəy də onların müdafiəsinə qalxdı və bildirdi ki, guya onların təcridxanadakı şəkillərini hüquq mühafizə orqanları çəkib yayıblar. Mən çox təəssüf edirəm ki, millət vəkili, partiya sədri, prezidentliyə namizəd olan bir şəxs əlində heç bir dəlil-sübut olmadan hüquq mühafizə orqanlarını bu cür ittiham edir.
Mən İqbal bəyə sual etmək istəyirəm ki, yaxşı, bu şəkillər təcridxanada polis işçiləri çəkibsə, bəs 2004-cü ildə həbsxanada yatanda Rauf Arifoğlu başda olmaqla Pənah Hüseyn digərlərinin də şəkillərini çəkib qəzetdə yaydı və özü etiraf elədi ki, bu şəkilləri onlar çəkiblər. Necə olur, həbsxanaya telefon keçirib şəkil çəkmək olur, ancaq hansısa müvəqqəti təcridxanaya telefon keçirib şəkil çəkmək olmur? 
Hamı bilir ki, bu gün Müsavatla AXCP arasında çox böyük nüfuz davası gedir və həmin şəkillər də Xalq Cəbhəsinin həmin vaxt həmin yerdə olan gənc fəalları tərəfindən çəkilib yayılıb.
Bir şeyi də qeyd etmək istərdim. Bu insanlar əgər içəri düşən kimi polisə bu qədər tabe olub deyilənləri eləyirlərsə, bəri başdan çöldə olanda  polisə tabe olsunlar və gedib ora düşməsinlər. Ona görə də mən bu işləri görənləri, – istər cəbhəçilər, istər polislər olsun, – alqışlayıram və Oqtay müəllimdən fərqli olaraq onlara “ar olsun” deyil, “eşq olsun” deyirəm.  Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən deputat həmkarım Musa Quliyevin milli qəhrəmanlarla bağlı qaldırdığı məsələni dəstəkləyirəm. Çox haqlı təklifdir.
Bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Birinci, mən “Şəhid ailəsinin statusu haqqında” Qanunda olan hüquqa zidd müddəalar haqqında bir neçə dəfə fikrimi bildirmiş və demişəm ki, o qanuna köklü surətdə yenidən baxılmalıdır.
İkinci məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanda Qarabağ müharibəsi veteranlarına verilən müavinət təxminən 30 manat, yəni çox  cüzi bir məbləğdir. Bunun artırılmasını təklif edirəm.
Üçüncü ciddi məsələ ondan ibarətdir ki, hörmətli deputat yoldaşlar,  1988-ci ildən 2001-ci ilin oktyabrına qədər Azərbaycanda ermənilərlə bizim aramızda “milli münaqişə” adında bir şey olub və o dövrdə əlil olanlar “milli münaqişə zəminində əlil” statusuna malikdirlər. 1991-ci ilin oktyabr ayından Azərbaycanda Müdafiə Nazirliyi yaradılıb və müharibə başlayıb. Ancaq çox təəssüf ki, bu günə qədər də həmin dövrdə əlil olanların sənədində yazılır: “milli münaqişə zəminində əlil”. Mən təklif edərdim ki, bu məsələyə baxılsın və onlar “Qarabağ müharibəsi əlili” statusuna malik olsunlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli deputatlar, gündəlikdə olan məsələlərin  müzakirəsinə keçirik. Birinci məsələ “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsidir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamə 2013-cü il martın 12-də Çetinye şəhərində imzalanmışdır.  Bilirsiniz ki, Azərbaycan Avropanın bütün ölkələri ilə ikitərəfli əlaqələri çox yüksək səviyyədə təşkil etmişdir. Sözün əsl mənasında, yenicə öz müstəqilliyini ən yüksək səviyyədə Avropa ölkələrinə və dünyaya nümayiş etdirən Monteneqro da bu ölkələrdən biridir. Monteneqro çox gözəl və perspektivli bir ölkədir. Ona görə Azərbaycan–Monteneqro münasibətlərinin yüksək səviyyədə təşkili hər iki dövlətin maraqlarına cavab verir.
Onu da yaddan çıxarmaq lazım deyil ki, Monteneqro bu gün Azərbaycanla münasibətləri yüksək səviyyədə təşkil edərək özünün enerji təhlükəsizliyini təmin edən Avropa ölkələrindən birinə çevrilir. Mən bununla əlaqədar olaraq bu gün Avropanın, xüsusilə də Rusiyanın bütün telekanallarında yayılan bir məlumatı hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Bu telekanallarda yayımlanan xəbərlərdə deyilir ki, Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina Azərbaycan qazının qəbulu üçün artıq TANAP qaz kəmərinin tikintisi barədə memorandum imzalayıb.
Enerji təminatı sahəsində əməkdaşlıq məsələsi bizim diqqətimizə təqdim edilən sənədin 4-cü bəndində öz əksini tapmışdır. Yəni artıq Azərbaycan rəhbərliyinin ideyaları – Avropanın enerji təhlükəsizliyini təmin etmək və Azərbaycanın Avropa ilə əlaqələrini daha da genişləndirmək ideyaları öz əksini reallıqda tapmaqdadır.
Təbii ki, belə bir qanun layihəsinə komissiyamız yekdilliklə müsbət fikir bildirib və mən millət vəkillərindən ona səs verməyi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Səməd müəllim, təşəkkür edirəm. Nə təklif var? Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 12.37 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun protokolunun təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. Çingiz müəllim, Siz məlumat verirsiniz? Buyurun. Çingiz Əsədullayev.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Adı çəkilən konvensiya və onun tərkib hissəsi hesab edilən protokol carı ilin 12 mart tarixində Monteneqronun Çetinye şəhərində imzalanmışdır. Məlum olduğu kimi, dövlətimiz bir çox aparıcı ölkələrlə müvafiq sənəd imzalamış və onlar ratifikasiya olunmuşdur. Bu kimi konvensiyalar təkcə dövlət və vergi administrasiyaları üçün deyil, həmçinin biznes cəmiyyəti üçün vacib bir sənəd olaraq ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Hesab edirəm, konvensiyanın təsdiq olunması ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımının və ticarətin artırılması, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradacaq.
Konvensiya və protokol komitədə baxılıb, müsbət fikirlə səsverməyə çıxarılıb. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.40 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında” Sazişin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. Çingiz müəllim, buyurun.
Ç.Əsədullayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, təsdiq üçün Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikası Hökuməti və Monteneqro  Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında” Saziş cari ilin 12 mart tarixində imzalanmışdır. Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Sazişə əsasən tərəflər beynəlxalq yükdaşımaların həyata keçirilməsinin asanlaşdırılması, ticarət münasibətlərinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və digər sahələrdə sıx əməkdaşlıq etməyi nəzərdə tuturlar. Belə bir sazişin təsdiq edilməsi ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin bu sahədə də inkişaf etməsinə xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nə təklif var? Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 12.42 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 2
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsinin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Ziyafət müəllim, minnətdarlığımı bildirirəm. Eyni fəlsəfə və eyni istiqamətdə olan bəyannamələrdir. Mən Çingiz müəllimə də öz minnətdarlığımı bildirirəm ki, Monteneqro ilə bağlı təqdim olunan bəyanatlarla əlaqədar geniş məlumat verdi. 
Siz qanun layihəsinə diqqətlə baxsanız, görərsiniz ki, Azərbaycanla Xorvatiya arasında münasibətlərin yüksək səviyyədə təşkil olunması hər bir bənddə, hər bir sözdə məntiqli bir fəlsəfə kimi özünü göstərir. Bu nöqteyi-nəzərdən belə sazişlərin imzalanması gələcək iqtisadi, humanitar, mədəni və başqa əlaqələrin təşkil olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Bu bəyannamədə öz əksini tapan məsələ dediyim kimi, hal-hazırda  reallaşmaqdadır. Bu gün Avropa ölkələri arasında Azərbaycanla əlaqələri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksələn dövlətlərin sayı gündən-günə artır. Xorvatiya da belə ölkələrdəndir.
Təbii, Beynəlxalq münasibətlər komitəsi belə məsələləri nəzərə alaraq millət vəkillərindən bu qanun layihəsinə səs verilməsini xahiş edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qanun layihəsinin müzakirəsi ilə əlaqədar Sahib müəllim yazılıb. Buyurun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Hörmətli Səməd müəllim çox düzgün və doğru qeyd etdi ki, bizim bu gün təsdiqləyəcəyimiz bu layihələr bütövlükdə Balkanların ilk növbədə Azərbaycana strateji bağlanması anlamına gəlir.
Tarixi bir balaca xatırlatmalı olsaq, təqribən 100 il bundan öncə Balkanlarda türk dünyası Osmanlı dövlətinin timsalında özünün ən ağır günlərini yaşayırdı. Türk qövmü Balkanlarda ən arzuolunmaz bir ünsür kimi qəbul edilir və Balkanlardan çıxarılmağa başlanırdı. Amma bu gün biz Balkanlara çağırılırıq. Təbii ki, bu, ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının məhz uğurlu şəkildə həyata keçirilməsinin nəticəsidir.
Hazırda Avropa iki cəbhəyə bölünərək Azərbaycanın reallaşdırdığı Cənub dəhlizi üstündə mübarizəyə başlayır. Avropanın bir hissəsi istəyir ki, Cənub dəhlizi məhz onların maraqlarına daha çox xidmət etsin. Digər hissəsi – Balkanlardakı Cənub hissəsi isə istəyir ki, daha çox onların maraqlarına xidmət etsin. Uğurlu neft strategiyası belə həyata keçirilir,  dövlətin maraqları baxımından belə reallaşdırılır.
Ümumiyyətlə, açıq deməliyik ki, Fridrix Rasselin “dövlət canlı orqanizmdir” nəzəriyyəsi heç hara yox olmayıb və bu genişlənmə XXI əsrdə başqa yollarla – yumşaq güc vasitəsilə reallaşdırılır. Bu reallaşdırmadan söhbət gedərkən adətən böyük dövlətlər göz önünə gəlir. Azərbaycan isə elə də böyük bir dövlət olmayaraq, məhz düşünülmüş xarici siyasət sayəsində örnək göstərir ki, dövlət öz sərhədlərindən kənarda necə genişlənə və təsirini necə gücləndirə bilər. Özü də bu təsir ikitərəfli, qarşılıqlı maraqlara cavab verən bir təsirdir.
Açığını deməliyik ki, bir çox böyük dövlətlərin, Azərbaycandan da daha artıq zəngin yanacaq potensialı olan dövlətlərin Balkanlarda reallaşdıra bilmədiklərini Azərbaycan məhz neft-qaz strategiyası baxımından çox uğurla reallaşdırıb. Bu gün bu strateji tərəfdaşlıq haqqında anlaşma da, digər anlaşmalar da, Albaniyada Balkan ölkələrinin TANAP-la bağlı əldə etdikləri razılaşmalar da bundan xəbər verir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.47 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, gündəliyin 5-ci məsələsinə keçməzdən əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün bizim iclasımızda Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirlər. Sizin hamınızın adından biz onları salamlayırıq.
Növbəti məsələ “Azərbaycan Respublikası  Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” Müqavilənin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. İcazənizlə bu barədə mən məlumat verəcəyəm.
Bu müqavilə 2013-cü il fevral ayının 27-də Bakı şəhərində imzalanıb. Müqaviləyə görə Birinci Dünya Futbol Kubokunun 2013-cü il iyun ayının 30-dan iyul ayının 16-na qədər Bakıda keçirilməsi nəzərdə tutulur. Onu da diqqətinizə çat-ırmaq istəyirəm ki, 2013-cü ildə keçiriləcək Birinci Dünya Futbol Kubokunun, – əlbəttə, hərbçilər arasında Kubok yarışlarından söhbət gedir, – tərəfdaşları FİFA, Azərbaycanın Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, yəni AFFA-dır. Eyni zamanda, nəzərə çatdırmaq istəyirəm ki, kvotalar aşağıdakı kimi bölüşdürülüb: Afrikaya 4 yer, Amerikaya 3 yer, Asiyaya 4 yer, Avropaya 3 yer.
Hesab edirəm ki, bu, sözün əsl mənasında, Azərbaycanda idmanın inkişafının və eyni zamanda, Azərbaycana olan etimadın bir göstəricisidir. Bilirsiniz ki, keçən il Azərbaycanda 17 yaşınadək qızlar arasında futbol üzrə Dünya birinciliyi, digər beynəlxalq idman oyunları keçirildi. Bu dəfə də artıq hərbçilər arasında Birinci Dünya Futbol Kuboku keçirilir. Mən hesab edirəm ki, bu beynəlxalq turnir ölkəmizdə futbolun daha da inkişaf etməsinə və Azərbaycanın dünyada həm də idman dövləti kimi tanınmasına daha bir töhfə olacaqdır. Ona görə xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 12.50 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Bu qanun layihəsi bir texniki dəyişikliyi özündə ehtiva edir. Məsələ burasındadır ki, daxili işlər orqanları bizə müraciət edərək Milli Məclisin etdiyi sonuncu dəyişikliklərin tətbiqi ilə bağlı maddi-texniki tədbirləri görməkdən ötrü onlara bir qədər də vaxt  verilməsini xahiş etmişlər.  Mən hesab edirəm, parlament bu müraciəti dəstəkləməli, Qanunun qüvvəyə minməsi müddəti iyunun 1-dən sentyabrın 1-nə keçirilməlidir. Sentyabrın 1-dən artıq problem olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 12.51 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qanun layihəsi qəbul olundu, təşəkkür edirəm.
Növbəti məsələ  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, “ASAN xidmət” mərkəzi və onun fəaliyyəti ilə bağlı artıq hamımız məlumatlıyıq. O da məlumdur ki, “Dövlət rüsumu haqqında” Qanuna bizim 5–6 ay bundan əvvəl etdiyimiz dəyişikliklərdən “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinin əməkdaşları da bəhrələnir və rüsumun 30 faizi məbləğində əlavə təminat alırlar. Bu baxımdan qanunvericilikdə bir ziddiyyət yaranıb. Belə çıxır ki, iki dəfə 30 faiz alınır. Buna görə də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla” ifadəsinə ehtiyac var. “ASAN xidmət”də fəaliyyət göstərən qeydiyyat orqanının reyestr şöbəsinin əməkdaşları onsuz da “Dövlət rüsumu haqqında” Qanuna bizim əvvəl etdiyimiz dəyişikliyə görə bu 30 faizi alırlar. Belə bir texniki dəyişiklikdir, amma bunu etməyə ehtiyac var. Çünki əks təqdirdə maliyyə orqanları o məbləği təkrar hesablaya bilərlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif var? Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 12.53 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verir. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, “Əmək pensiyaları haqqında” Qanunun iki maddəsinə qismən dəyişiklik edilib. Birinci dəyişiklik 30-cu maddədədir. Qeyd olunur ki, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
31-ci maddədə isə bu fəaliyyət növü bizim səfirliklərə və konsulluqlara yönəldilir. Beləliklə, xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pensiya təyinatında sənədləşdirilmə işləri xeyli yüngülləşdirilib. Bütövlükdə bu həmin qrup insanlara pensiya təyinatında xeyli kömək edəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Buyurun, Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən qanun layihəsinə səs verəcəyəm, amma bir əsas məsələ var. Bayaq deputat həmkarlarımız bu məsələni qaldırdılar. Bu, deputatların pensiyası ilə əlaqədardır. Mən bir başqa problemə toxunmaq istəyirəm. 1995-ci ildə, yəni Konstitusiyamız qəbul olunduqdan sonra seçilmiş deputatlarla 2000-ci ildə seçilmiş deputatların pensiyalarında çox böyük fərq var. Onlar da müstəqillik dövründə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq seçilmiş deputatlardır. Məsələ nədən ibarətdir? Müəyyən dövrlərdə seçilmiş deputatların müavinətindən sosial sığorta tutulmayıb. Bu, birbaşa büdcədən olmalı idi, amma olmayıb. Həmin işin də nəticəsi budur, o dövrdə seçilən deputatlarla indiki deputatların pensiyalarında fərq çox böyükdür. Hörmətli Hadi müəllim, hesab edirəm ki, bununla əlaqədar ya bir dəyişiklik edilməli, ya da müraciət olunmalıdır. Keçmiş həmkarlarımız tərəfindən mənə xeyli müraciətlər olur. Bir yerdə işləmişik. Pensiya Fonduna müraciət edəndə onlara deyirlər ki, o tutulma olmadığına görə qanunu poza bilməzlər. Bu da belədir. Ona görə də ya büdcəyə salaq, ya da nəsə edək ki, o fərq Pensiya Fonduna ödənilsin və həmin deputatlar da digər deputatlarla bərabər pensiya alsınlar. Yəni insanlar arasında fərq qoyulmasın, bərabər şəkildə pensiya təminatı həyata keçirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Hadi müəllim, münasibət bildirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
Yaxşı, aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.57 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyimizin axırıncı məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında qanun layihəsidir. Bilirsiniz ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, biz birinci oxunuş zamanı bir çox təklifləri qeyd edə bilmədik. Amma buna baxmayaraq, komitələrin iclası zamanı həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həm də İnsan hüquqları komitəsinin üzvləri bir sıra təkliflər irəli sürmüşlər. Qeyd etmək istəyirəm ki, bu təkliflərin əksəriyyətinə elə həmin iclasda münasibət bildirildi. Müşahidə etdiyimiz o oldu ki, təkliflərin böyük əksəriyyəti, əslində, birbaşa qanunvericiliklə  yox,  qanunvericiliyin tətbiqi ilə bağlı oldu.
Miqrasiya məsələlərinin tənzimlənməsi zamanı meydana çıxan problemlərə – həm soydaşlarımızla, həm də əcnəbilərlə bağlı məsələlərə Dövlət Miqrasiya Xidməti rəisinin müavini münasibətini bildirdi. Hesab edirəm ki, cavabların böyük əksəriyyəti əsaslı idi.
Bəzi millət vəkillərinin qaldırdığı məsələlər isə, ümumiyyətlə, qanunvericilik texnikamızla, Miqrasiya Məcəlləsinin qarşıya qoyduğu vəzifələrlə tam üst-üstə düşmürdü. Misal üçün, Ziyafət müəllim, heç cür mümkün deyil ki, biz Miqrasiya Məcəlləsində xarici ölkələrin vətəndaşı olan soydaşlarımızı başqa adla, yəni “əcnəbi” adlandıraq. Xüsusi anlayışlar var. Bax, bizim bu cür, deməzdim, mübahisələrimiz, amma fikir ayrılıqlarımız oldu.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, müzakirənizə təqdim olunmuş Miqrasiya Məcəlləsi, əslində, indiyə qədər bu məsələləri tənzimləyən qanunların məcəllələşdirilməsi nəticəsində meydana çıxıb. Yəni ayrı-ayrı qanunlar toplanıb. Müasir dövrdə miqrasiya məsələlərinin daha şəffaf tənzimlənməsi və daha çevik xidmət göstərməkdən ötrü, əlbəttə, burada eyni müddəalar mövcuddur. Eyni zamanda, bir sıra millət vəkilləri də qanunvericiliklə bağlı müraciətlər etmişlər. Biz bununla bağlı şərait yaratdıq. Çingiz Qənizadənin qanunvericilik təşəbbüsü subyekti ilə bağlı birbaşa müzakirələrə dair müraciəti olmuşdu.
Elə bilirəm ki, ikinci oxunuşda biz artıq müəyyən fəsillərlə bağlı daha konkret fikirlər söyləyə biləcəyik. Amma xüsusi vurğulamaq istəyirəm ki, Miqrasiya Məcəlləsi hüquqi bir sənəddir. Buradakı anlayışların böyük əksəriyyəti indiyə qədər bizim bu sahəni tənzimləyən ayrı-ayrı qanunlarımızda var və təbii ki, burada da öz əksini tapıb.
Mən başa düşürəm ki, millət vəkilləri soydaşlarımıza, Azərbaycandan kənarda yaşayan xalqımızın nümayəndələrinə müəyyən bir dəstək verirlər. Bunlar hamısı mümkündür, amma hesab edirəm ki, qanunvericilik və qanunvericilik anlayışları ondan da üstündür. Siz  gərək əmin olasınız ki, həm miqrasiya xidməti, həm də bu qanun üzərində çalışan hüquqşünaslar, qanunvericilik subyekti soydaşlarımızla, ümumiyyətlə, əcnəbilərlə bağlı hansı yeniliklər etmək mümkündürsə,  bunu etməyə hazırdırlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bilirsiniz ki, biz Daxili Nizamnamənin tələblərinə görə ikinci oxunuşda qanun layihəsini müzakirə etmək üçün onu əsas kimi qəbul etməliyik. Ona görə xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.02 dəq.)
 Lehinə  80
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  82
Yetərsay yoxdur

Yetərsay yoxdur, xahiş edirəm, diqqətli olaq. Zəhmət olmasa, bir də səs verək.
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
 Lehinə  93
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, təşəkkür edirəm. İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu məsələnin bir neçə dəfə müzakirəsində iştirak etmiş və layihə ilə bağlı  fikrimizi bildirmişik. Bizi narahat edən ən ciddi məsələlərdən birini, təbii ki, bu qanunda əks etdirmək mümkün deyil. Amma buna baxmayaraq, mən bir daha təkrarlamaq istəyirəm ki,  bu məcəllədə yer alan baza qanunlarında bunun dəyişməsinə ehtiyac var. Ümumiyyətlə, xaricdə yaşayan bir qrup kateqoriyadan olan insanlara, xüsusilə də  Gürcüstanda yaşayan azərbaycanlılara “əcnəbi” kəlməsinin işlədilməsini yanlış hesab edirəm və bunun düzəldilməsi yolları tapılmalıdır.
Mən məcəllədəki anlayışlar haqqında fikrimi bildirmək istəyirəm. Miqrasiya Məcəlləsi layihəsinin “Əsas anlayışlar” maddəsində “əcnəbi”nin və “vətəndaşlığı olmayan şəxsin” anlayışı verildiyi halda “Azərbaycan Respublikasının vətəndaşı”nın anlayışı verilməyib. Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə gəlməsi və getməsi ilə bağlı məsələlər məcəllə ilə tənzimlənirsə, deməli, o zaman “Azərbaycan Respublikasının vətəndaşı” anlayışı da göstərilməlidir.
“Şəxsiyyət vəsiqəsi” anlayışına da aydınlıq gətirmək lazımdır. Burada kimlərə verilən şəxsiyyət vəsiqəsindən söhbət gedir? Axı, 1992-ci ilin yanvar ayının 1-dək Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan, daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə də ərazi polis orqanları tərəfindən şəxsiyyət vəsiqəsi verilir. Yalnız həmin şəxslərə  və Azərbaycan Respublikasının vətəndaşlarına verilən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası ərazisində onların şəxsiyyətini təsdiq edən sənəd  hesab olunur. Digər hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vətəndaşı olduğu və daim yaşadıqları ölkədə verilən şəxsiyyət vəsiqəsi Azərbaycanda onların şəxsiyyətini təsdiq edən sənəd hesab edilmir. Əgər məcəllə əmək miqrasiyası ilə bağlı münasibətləri də tənzimləyirsə, o zaman əmək miqrasiyası kvotasının anlayışı mütləq bu hissədə verilməlidir.
Eyni zamanda, məcəllədə miqrasiya sahəsində mövcud qanunvericilik aktları ilə tənzimlənən bütün məsələlər öz əksini tapmayıb. Məsələn, “Əmək miqrasiyası haqqında” Qanunda sərhədyanı əmək miqrasiyası haqqında məsələlər öz əksini tapdığı halda bu məcəllədə onunla bağlı heç bir müddəa qeyd olunmayıb. Əgər sərhədyanı miqrasiya  bu məcəllə ilə tənzimlənmirsə, o zaman “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tətbiq  dairəsi” maddəsində bu barədə mütləq göstəriş olmalı idi.
Bundan başqa, məcəllə layihəsində qaçqın statusunun verilməsi ilə bağlı məsələlərin müvafiq qanunla tənzimləndiyi göstərilir. Eləcə də Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərlə 1992-ci il yanvarın 1-dək Azərbaycanda daimi yaşamaq icazəsi alan vətəndaşlığı olmayan şəxslərdən söhbət gedir. Bu məsələlərin də başqa qanunvericilik aktları ilə tənzimləndiyi qeyd olunmalıdır.
Miqrasiya Məcəlləsi layihəsinin tətbiq dairəsinə daxil olmayan məsələlərdən biri də  Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlıdır. Bu da məcəllə ilə tənzimlənmədiyi üçün xüsusi qeyd olunmalıdır. Əgər məcəllə layihəsində Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi və ölkəyə gəlməsi qaydası tənzimlənirsə, o zaman Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin ölkədən getməsi və ölkəyə gəlməsi ilə bağlı münasibətlər də  mütləq tənzimlənməlidir. Bu boşluğu qoymaq olmaz.
Miqrasiya uçotu ilə bağlı məsələyə gəldikdə, – bunların hamısı anlayışlara aiddir, – qeyd etmək lazımdır ki, bu yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı aparılır. Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlməklə bağlı münasibətlərini tənzimləyir, amma onların barəsində miqrasiya uçotu aparılması burada göstərilməyib. Düşünürəm ki, bu münasibətlər tənzimləndiyi təqdirdə Azərbaycan Respublikasından gedən vətəndaşların da miqrasiya uçotu aparılmalı və onlar ölkəyə qayıtdıqları zaman uçotdan çıxarılmalıdırlar. 
Miqrasiya Məcəlləsi layihəsində əvvəlki qanunvericilikdən fərqli olaraq iş icazəsi ilə bağlı müddətlər qısaldılır. Belə ki, əgər əvvəlki qanunvericiliyə görə iş icazəsinin müddətinin uzadılması üçün verilən icazənin bitməsinə 22 gün qalmış müraciət etmək tələb olunurdusa, indiki halda bu müddət 30 gündür. Həmçinin əvvəl əcnəbi işçinin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlar dəyişdikdə  və ya  fərdi icazə itirildikdə  işəgötürən 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və 15 gün ərzində ərizə ilə müraciət etməli idisə, indi bu müddət müvafiq olaraq 5 və ya 10 gündür. Müddətlərin qısaldılması əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin edilməsi baxımından müsbət hal sayıla bilməz.
Bundan başqa, əvvəlki qanunvericilikdə konkret olaraq göstərilir ki, Azərbaycan Respublikasına başqa əsaslarla gəlmiş əcnəbilər əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə əsasında Azərbaycanda müvəqqəti yaşamaq üçün mütləq icazə almalıdırlar. Lakin Miqrasiya Məcəlləsi layihəsinin 51-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər ilk növbədə müvəqqəti yaşamaq üçün icazə, daha sonra isə iş icazəsi almalıdırlar. 51.1-ci maddəyə diqqət etsəniz, bunu görərsiniz.  Halbuki iş icazəsinin alınması özlüyündə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinin əsaslarından biridir. Hesab edirik ki, iş icazəsi almış əcnəbiyə həmin müddət üçün avtomatik olaraq müvəqqəti yaşamaq üçün icazə də verilməlidir. Eyni zamanda, əcnəbiyə öz ölkəsində olduğu zaman Azərbaycanda da iş icazəsinin alınmasına qanun mütləq şərait yaratmalıdır, amma bu şərait  yaradılmır.
Həmçinin Miqrasiya Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulan əmək məqsədi ilə verilən giriş vizasının tətbiqi dairəsi və orada qeyd olunan “Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs  yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işəgötürən tərəf qismində vəsatəti” məsələsi aydın olmur. Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmək üçün Azərbaycan ərazisinə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması və onlarla əmək müqaviləsinin imzalanması, onların Azərbaycan Respublikasına gəlmədən öncə bağlanması qanunsuz miqrasiyanın qarşısının alınması baxımından olduqca vacibdir.
Miqrasiya Məcəlləsinin 7.1.2-ci maddəsinin məzmunundan görünür ki, əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması miqrasiya uçotunun qeydə alınması üçün əsas sayılır. “Azərbaycan Respublikasında doğum faktının qeydə alınması” dedikdə doğulmuş şəxsin adına müvafiq qeydiyyat şöbələri tərəfindən doğum haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi başa düşülür. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna görə doğum haqqında şəhadətnamə Azərbaycan vətəndaşlığını təsdiq edən sənəddir. Belə olan halda onlar necə əcnəbi kimi uçota alına bilərlər? Məncə, bu müddəaların düzəldilməsi vacibdir.   
Müvəqqəti olma müddətinin uzadılması üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslər iki dəfə qeydiyyata düşdüyü zaman təqdim etdiyi sənədlərdən əlavə sənədlər tələb olunur. Hesab edirik ki, bu olmamalıdır. Birinci, ona görə ki, məcəlləyə görə müvəqqəti olma müddəti 3 zəruri halda  uzadıla bilər. Əgər müddətin uzadılması bu qədər zəruriyyətdən irəli gəlirsə, o zaman əlavə sənədlərin tələb olunması doğru deyil. İkinci, müvəqqəti və daimi yaşamaq icazəsinin müddətinin artırılması üçün həmin icazəni ilk dəfə almaq istəyən  əcnəbilərdən hansı sənədlər tələb olunursa, uzadılma üçün də eyni sənədlər tələb olunur. Müvəqqəti olma müddətinin uzadılması üçün niyə əlavə sənədlər tələb olunsun? Bu, tamamilə yanlışdır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 71-ci maddəsinə əsasən “norma yaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini zəruri olduqda həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir”. Qanun layihəsinin üçüncü oxunuşunadək, məncə, bu müddəaların düzəldilərək təqdim olunmasına zərurət var. Amma bütün hallarda mən Miqrasiya Məcəlləsinin qəbul olunmasını  Azərbaycan üçün müsbət bir hadisə hesab edirəm, çünki bu sahədə qanunvericiliyin olmaması xeyli sayda insanın hüquqlarının pozulmasına gətirib çıxarır ki, bunun hüquqi tənzimlənməsi insanların vəziyyətini yüngülləşdirə bilər. Bütün hallarda bu məsələnin ictimai müzakirəsinin təşkil olunmasını da müsbət hal hesab edirəm. Ümid edirəm ki, digər qanun layihələrini də bu cür müzakirədən keçəndən sonra daha cilalanmış formada qəbul etməyimiz ümumi işimizin faydasına olar. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini çox vacib hüquqi sənəd hesab edirəm. Çünki bu qanun ölkəmizin müstəqilliyinin göstəricisidir. Əcnəbilərin ölkəmizdə  müvəqqəti qalmaq və yaşamaq hüquqlarını tənzimləyən hüquqi sənədlərin ümumi qanun şəklində qəbul olunmasını vacib hesab edirəm.
Qanun layihəsinin ikinci oxunuşu olduğuna görə 11-ci və 24-cü maddələrə münasibətimi bildirmək istəyirəm. 11-ci maddədə qeyd olunub ki, yetkinlik yaşına çatmamış uşağın ölkədən çıxması valideynlərin razılığı əsasında olmalıdır. Amma belə bir hal da var ki, valideynlərdən biri ölkə xaricində olur və illərlə ailəsi ilə əlaqə saxlamır. Çox təəssüf ki, uşağına, ailəsinə biganə yanaşan və onları düşünməyən məsuliyyətsiz valideynlər kifayət qədərdir. Əgər belə bir ailədə yetkinlik yaşına çatmamış uşağın təcili xəstəliyə və ya hər hansı bir vacib səbəbə görə ölkədən xaricə aparılması lazım gələrsə, valideyn uzun-uzadı prosedur qaydalarını icra etməyə məcburdur. Düşünürəm ki, belə prosedur qaydaların icrasına vaxt itirib  vəziyyəti çətinləşdirməkdənsə, sadələşdirilmiş qaydada, qeydiyyatda olduğu yaşayış yeri üzrə müvafiq icra hakimiyyətinin təsdiq etdiyi arayışa əsaslanaraq sərhəd keçidinin təmin edilməsi hüququ nəzərdə tutularsa, daha yaxşı olar. Həm də qeyd etmək istəyirəm ki, yerli icra hakimiyyəti orqanı qeydiyyatla bağlı məlumatları elektron formada müvafiq  orqanlara çatdıra bilər.
İkinci təklifim vizaların və ölkədə müvəqqəti yaşamaq icazəsinin verilməsi ilə əlaqədardır. Elə hallar da mövcuddur ki,  valideynlərdən biri Azərbaycan vətəndaşı, ikincisi və yetkinlik yaşına çatmamış uşaqları isə xarici vətəndaşdırlar. Düşünürəm ki, bu halda yetkinlik yaşına çatmamış uşaqlara xarici vətəndaş olmalarından asılı olmayaraq  rüsum ödəmədən Azərbaycan vətəndaşı olan valideynin yanına sərbəst gəlmək və qalmaq hüququ verilməlidir. Çünki yetkinlik yaşına çatmamış  uşağın hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq işləmək hüququ olmadığından onun gəliri olmur və rüsumun ödənilməsində müəyyən çətinliklər yaranır. Həm də valideynlərdən biri Azərbaycan vətəndaşıdırsa, onun uşağı da vətəndaşlığından asılı olmayaraq soydaşımız hesab edilməlidir. Yetkinlik yaşına çatmamış uşaqların sərbəst hərəkəti təmin olunarsa, daha məqsədəmüvafiq olar.
Ümumilikdə, qanun layihəsi müəyyən dəyişikliklər edilməklə qəbul edilə bilər. Mən layihənin ikinci oxunuşda qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Mən görürəm, təkliflər çoxdur. Ona görə sonda ya Əli Hüseynli, ya da Azərbaycan Respublikası Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bu sualları cavablandıracaq. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Əslində, bu gün çox ciddi bir qanun layihəsini müzakirə edirik. Bu həm də ətrafında çox ciddi müzakirələrin, söz-söhbətlərin getdiyi bir qanun layihəsidir. Əslində, bu ən həssas qanun layihələrindən biridir. Bu qanun layihəsini əsas edən məqamlardan biri də ondan ibarətdir ki, bu gün onun predmeti birbaşa olmasa da, bəzi məsələləri ortaya çıxarır. Məsələn, mən Gürcüstandan gəlirəm. İstər orada, istərsə də digər ölkələrdə  soydaşlarımız arasında bir məsələ – “bizə əcnəbi düşüncəsi ilə yanaşılacaqmı” fikri çox ciddi şəkildə vurğulanır. Mən inanıram ki, dünyanın hər yerindəki soydaşlarımız tərəfindən də bu sual ortaya atılacaq.
Bəzi təşkilatlar soydaşlarımız haqqında qanun layihəsini təklif edirlər. Əslində, bizim xaricdə yaşayan azərbaycanlılarla bağlı qanun layihəmiz var. Bəlkə biz bu qanun layihəsini müzakirə edək, çünki hər zaman ölkəmizin siyasətində xaricdə yaşayan azərbaycanlılarla bağların  daha da möhkəmləndirilməsi öz əksini tapır. Bu istiqamətdə bəlkə burada müəyyən bir fərqli yanaşmalara gedə və xaricdə yaşayan soydaşlarımızı  ilk öncə mənəvi cəhətdən rahatsız etməyəcək bir yekun varianta nail ola bilək.
İkinci bir məsələ, təbii ki, bizim ikili vətəndaşlıq haqqında qanunumuzun  olmamasından ortaya çıxacaq. Amma burada söhbət nədən gedir? Mən hesab edirəm ki, buna baxmaq lazımdır. Məsələn, valideynlər Azərbaycan vətəndaşlarıdır, uzun müddət Rusiyada işləyiblər, övladları da orada doğulub, Rusiya vətəndaşlarıdır. İndi bu yetkinlik yaşına çatmayan uşaq Azərbaycana gəldiyi zaman çox böyük məbləğdə rüsum ödəməlidir.  Bu, doğru qəbul olunmur və biz bəlkə bunun üzərində ciddi düşünək. Hər iki valideyn və ya onlardan biri Azərbaycan vətəndaşıdırsa, onların başqa ölkələrdə doğulmuş övladları ölkəyə daxil olan zaman rüsum ödəməməlidirlər. Yetkinlik yaşına çatmayan bu uşaqlar işçi qüvvəsi deyil. Bu məsələyə baxmağımız çox vacibdir. İkincisi də, ata-ana bu rüsumu ödəyir. Təxminən  o qədər rüsumu da övladlarının hər birinin ödəməs nə qədər məntiqə uyğundur? 
Sonda mən Azər müəllimin qaldırdığı məsələyə toxunacağam. Bu çox ciddi məsələdir. Mən də belə ailələr tanıyıram. Ata iş dalınca gedib və ondan 10–15 ildir, xəbər yoxdur. Amma ana-atanın icazəsi olmadığına görə ağır xəstə olan övladını xaricə müalicəyə apara bilmir. Məhkəmənin qərarları da bəzən aylarla uzana bilir. Mən də təklif edirəm ki, bu proseduru sadələşdirmək üçün daha yaxşı mexanizmlərə əl atmağımız yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Müstəqil siyasətə aparan dövlətin miqrasiya xidməti güclü, bu sahənin qanunları mükəmməl və işlək olmalıdır. Müzakirə etdiyimiz Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi bu baxımdan çox qiymətlidir. Ancaq məcəllənin insanları düşündürən və narahat edən bəzi maddələrinə öz münasibətimi bildirmək istəyirəm.
Həmkarlarım məcəllənin 11-ci maddəsi barədə fikirlərini dedilər. Mən də onların fikirlərini dəstəkləyirəm. Həqiqətən də, bu, nəinki hüquqi əhəmiyyətli bir maddədir,  həm də mənəvi xarakterlidir. Ən çox ata-ananın  mənəviyyat məsələsidir. Bununla bağlı bizə müraciətlər olur və bu artıq komitədə də müzakirə olunub. Valideynin biri xarici ölkədədir, yaxud ailəsi ilə münasibəti yoxdur, ya da ata uzun illərdir, öz uşaqlarına  baxmır,  həyat yoldaşını saymır, xəstədir və sair. Ana və yaxud da baba uşağı aparmaq istəyir. Valideyni tapmalı, bundan razılıq alınmalıdır. O razılıq da notariat qaydasında olmalıdır. Çətinliklər törədir.
Deyə bilərlər ki, bunun məhkəmə qaydası da var. Ancaq məhkəmə də müəyyən araşdırmalar aparmalıdır və bu da bir neçə gün çəkəcək. Xəstə uşaq da tələf ola bilər. Yaxud ana yoldaşından ayrılıb, uşaqlara ata baxır. Elə olur ki, ata da uşağı harasa aparmaq istəyərkən həyat yoldaşının  razılığını almalıdır. Elə bilirəm ki, bu maddə təkmilləşdirilməli və sadələşdirilməlidir. Mənim həmkarlarım da dedilər, yaxşı olar ki, yerli icra hakimiyyəti orqanları bununla məşğul olsunlar. Digər tərəfdən, əgər biz buna hüquqi baxımdan yaxınlaşsaq, valideyn öhdəsində olan uşağın  getməsi, gəlməsi və yaşaması üçün məsuliyyət daşıyırsa, mütləq digər  valideynin razılığının alınmasına nə ehtiyac var?
Məcəllənin 21-ci maddəsi haqqında da fikirlərimi bildirmək istəyirəm. Bu, əcnəbilərin və daimi vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması müddəasıdır. 3 gün verilir. Elə bilirəm ki, 3 gün azdır. Çünki bura yas mərasiminə gəlmiş hər hansı bir şəxs xəstələnə də, müəyyən xəsarət də ala bilər. Yaxud elə bir iş ola bilər ki, 3 gün müddətinə qeydiyyata düşə bilməz. Elə bilirəm, buna da baxılmalıdır, bu müddət uzadılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, məndən öncə çıxış eləyən həmkarlarımın bir sıra fikirləri ilə razıyam. Bu, əsasən, bəzi anlayışlar və Miqrasiya Məcəlləsinin cəmiyyətimizdəki əhəmiyyəti ilə bağlıdır. Doğrudan da, bu gün miqrasiya dünyanın reallığına çevrilib. Ölkədən-ölkəyə, qitədən-qitəyə köçlər artır və bu köçlərin rəsmiləşdirilməsi insanlar üçün çox böyük çətinliklər yaradır. Bu tipli məcəllələr mümkün qədər həmin çətinlikləri aradan qaldırmağa xidmət eləməlidir.
Başqa bir deyəcəyim məsələ “əcnəbi” sözü ilə bağlıdır. Azərbaycanın dünyadakı mövqeyi başqadır. Biz bir-iki yerə yox, 4–5 yerə parçalanmış bir xalqıq. Rusiya ərazisində, Gürcüstanda, Güney Azərbaycanda yaşayan azərbaycanlılara biz əcnəbi deyə bilmərik. Onlara xaricdə yaşayan azərbaycanlılar da deyə bilmərik. Çünki Gürcüstanda, Dərbənddə, Təbrizdə yaşayan öz tarixi vətənində yaşayır və onlar  Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan azərbaycanlılardır. Ona görə bu anlayışların dəqiqləşdirilməsinə çox böyük ehtiyac var və məcəllədəki “əcnəbi” sözü Azərbaycandan kənarda yaşayan soydaşlarımıza aid edilə bilməz.
Burada dəfələrlə deməyimizə və qanun qəbul eləməyimizə baxmayaraq, bu gün bu barədə geniş danışmaq istəmirəm. Amma hər halda  Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycana gəlib-getməsi, təhsil alması, ikili vətəndaşlıq, Rusiyada doğulan uşaqların Azərbaycanda daimi vətəndaşlığının tanınması və sair bu kimi məsələlərlə bağlı bir sıra problemlər var ki, bunların həlli ilə bağlı biz, məncə, ciddi sənədlər hazırlamalıyıq.
Konkret olaraq Miqrasiya Məcəlləsi ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Bu Miqrasiya Məcəlləsi, əslində, hüquqi vəziyyətlə bağlı normaları müəyyənləşdirmir.  Çünki bu normaları müəyyənləşdirən başqa qanunlar var. Bu, sadəcə olaraq, “ictimai normaların məcmusudur” kimi qeyd olunmalıdır. Yaxşı olar ki, bu, qanunun 33-cü maddəsində nəzərə alınsın.
Qanunun 31-ci maddəsinə əsasən məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə bilər. Belə yazılıb. Amma təəssüf ki, hazırkı Miqrasiya Məcəlləsində “ümumi və xüsusi bölmələr” adlı müddəa yoxdur. Bu yazılır, amma məcəllənin özündə  yoxdur.
Miqrasiya Məcəlləsi layihəsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik” prinsiplərinə əsaslanır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən “hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Amma Miqrasiya Məcəlləsi layihəsinin  “Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ” adlı 9-cu və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması” adlı 17-ci maddələrində bu prinsip pozulub. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər inzibati xəta törətdikdə barələrində qanuni qüvvəyə minmiş inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycan Respublikasından getməsi müvəqqəti olaraq məhdudlaşdırılsa da, Azərbaycan Respublikası vətəndaşına münasibətdə bu, tətbiq olunmur. Deməli, irəli sürülən müddəa ilə onun icrası tamam fərqlidir.
Miqrasiya Məcəlləsi layihəsinin 9.3.1-ci və 17.1.2-ci maddələrinə əsasən həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək onların Azərbaycan Respublikasından getməsinə müvəqqəti məhdudiyyət qoyula bilər. Lakin layihədə barəsində cinayət işi açılmış, lakin heç bir qətimkan tədbiri seçilməmiş şəxslərin ölkə ərazisini tərk etməsinə heç bir münasibət bildirilməmişdir. Məncə, bu da bir ziddiyyətdir və aradan qaldırılmalıdır.
Miqrasiya Məcəlləsinin 55-ci maddəsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazələrin verilməsi halları sadalanıb. Burada da, məncə, məntiqə sığmayan bəzi məsələlər var. O barədə qeydlərimi yazılı şəkildə Əli bəyə verərəm.
Miqrasiya Məcəlləsi layihəsinin 45-ci maddəsi müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan 9 sənəd barədədir. Burada da məntiq yoxdur. Müvəqqəti yaşamaq üçün də şəxs 9 sənəd təqdim edir, o müddətin uzadılması üçün də. Bu əlavə çətinlik yaratmaqdan başqa bir şey deyil.
Bir də, burada artıq deyildi, Rusiyada yaşayan soydaşlarımızdan qeydiyyata düşmək üçün nə qədər rüsum tələb olunursa, onların uşaqlarından da o qədər tələb olunur. Bir ailənin bəlkə buna imkanı yoxdur. Bu kimi məsələlərdə vətəndaşlarımıza, öz soyumuzdan olan insanlara təhsillə  bağlı gəlib-getməsi üçün müəyyən üstünlüklər, istisnalar tanımalıyıq. Biz onları Azərbaycana iş dalınca gələn başqa ölkələrin, qitələrin adamları ilə eyniləşdirə bilmərik. Bunlar nəzərə alınmalıdır. Məcəllənin əhəmiyyətini nəzərə alıb, şübhəsiz, ona səs verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Müzakirə etdiyimiz Miqrasiya Məcəlləsi bu günə qədər normativ hüquqi sənədlər əsasında fəaliyyət göstərən miqrasiya xidmətinin fəaliyyətini daha da yaxşılaşdıracaq. Məcəllə artıq ikinci oxunuşda müzakirə olunur. Mən çox istərdim ki, bu məcəllə çoxsaylı soydaşlarımızın hüquqlarına təsir etdiyi üçün olduqca diqqətlə müzakirə olunsun.
Mən komitənin iclasında fikirlərimi bildirmişəm. Əli müəllim də qeyd elədi, artıq qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşma var. Mən komitənin nümayəndəsi və bu təkliflərin təşəbbüskarı kimi, yəqin ki, yaxın bir-iki gündə görüşəcəyəm. Amma həmkarlarım üçün də maraqlı olsun deyə, bəzi məlumatları çatdırmaq istəyirəm.
Əvvəla, qeyd eləyim ki, dünən bu qanun layihəsinin ictimai müzakirəsi keçirilirdi və komitənin nümayəndəsi kimi mən orada iştirak elədim. Burada BMT-nin, Ombudsman Aparatının və çoxsaylı təşkilatların nümayəndələri vardı. Həm BMT-nin, həm Ombudsman Aparatının nümayəndələrinin, həm də millət vəkillərinin müəyyən məqamlara təklif və iradları var. Belə hesab edirəm ki, onlar ümumiləşdirilib konkret bir qərar qəbul olunacaq.
Məndən əvvəl çıxış eləyən həmkarlarım artıq bir neçə gündür, müzakirə olunan məsələlərin bəzilərinə toxundular. Təşəbbüs kimin olmasından asılı olmayaraq hesab edirəm ki, bunlar dəstəklənməlidir. Mən bir məsələni qeyd eləyim. Qanunun 3-cü maddəsində vətəndaşlığı olmayan şəxslərin statusundan bəhs olunur. Vətəndaşlığı olmayan şəxsin statusunun bizim məcəllədə göstərilməsi beynəlxalq konvensiya  ilə heç cür uyğun gəlmir. Bizim məcəllədə yazılan status 1954-cü il Konvensiyası ilə eynilik təşkil etmir. Belə hesab edirəm ki, Azərbaycanda beynəlxalq hüquq normalarının daha üstün olması nəzərdə tutulduğuna görə biz vətəndaşlığı olmayan şəxslərin statusu haqqında məsələni mütləq konvensiyaya uyğunlaşdırmalıyıq. Yəqin ki, bu təkliflər həm komitəyə, həm də təşəbbüs qaldıran quruma təqdim olunacaqdı.
Mən 11-ci maddənin adının dəyişdirilməsini təklif eləmişəm. Belə hesab edirəm ki, yalnız “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası” deyil, həm də ölkəyə gəlməsi qaydası burada öz əksini tapmalıdır. Burada həmkarlarım valideynlərin biri tapılmadıqda  uşağın ölkədən çıxarılması üçün yaradılan problemləri qeyd elədilər. Mən belə hesab edirəm ki, bu maddənin adı dəyişdirilməli, yetkinlik yaşına çatmayan uşağın Azərbaycanda qalma qaydası da burada öz əksini tapmalıdır. Həmkarlarım da doğru qeyd elədilər, məhkəmə qaydası ilə uşağın ölkədən çıxarılması məsələsi uzanan bir proses olacaq. Dövlət öz vətəndaşı üçün məsuliyyət daşıdığına görə hesab edirəm ki, burada məhkəmə hakimiyyətinin deyil, yaşadığı rayonun icra hakimiyyətinin razılığı ilə uşağın valideynlərin biri ilə ölkədən çıxarılması məsələsi sadələşdirilmiş variant olardı. Bu, insanları daha çox qayğıdan və problemdən azad etmiş olardı.
Mən niyə bu maddənin adının dəyişdirilməsini təklif elədim? Tutaq ki, iqtisadi maraqlar ucbatından Rusiyaya və başqa ikinci ölkəyə getmiş Azərbaycan vətəndaşının övladı dünyaya gəlir. O artıq həmin ölkənin vətəndaşı olduqdan sonra Azərbaycana gəldikdə əcnəbi olduğuna görə (hətta onun 3 yaşı, 5 yaşı olsa belə) 90 gündən bir ananın və ya atanın himayəsi ilə ölkədən kənara çıxacaq və təzədən qayıdıb gələcək. Çünki biz əcnəbiyə 90 gündən artıq ölkədə qalmağa icazə vermirik. Əgər o qanunu  biz bu cür qəbul etsək, valideynləri məcbur eləyəcəyik ki, uşağı sərhəddən çıxarsın və qaytarsın. Ona görə belə hesab edirəm ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən biri Azərbaycan vətəndaşı olduqda o, yetkinlik yaşına çatanadək ölkədə valideyn himayəsində sərbəst hərəkət edə bilər. Bizim komitəyə bu cür çoxsaylı müraciətlər gəlir. Komitənin iclasında mən bunu miqrasiya xidmətinin rəhbərliyinə dedim. Fasilədə dedi ki, belə hallar var. Bu çox kütləvi haldır və bunun qarşısı alınmalıdır.
Bir məsələni də deyim. Başqa ölkənin vətəndaşlığını qəbul edən soydaşlarımız Azərbaycanda oturum vizası aldıqda (bu artıq koridorlarda müzakirə olunur) 2–3 yaşında uşaq üçün də rüsum 300 manatdır, onun ata-anası üçün də. Yəni ailə 5 nəfərdən ibarət olduqda bir il üçün 1500 manat rüsum ödəyir. Dünyanın heç bir yerində belə rüsum yoxdur. Heç olmasa, uşaqlar üçün simvolik olaraq 20–30 manat müəyyənləşdirək. Axı, ailənin büdcəsi 1500 manat rüsum ödəməyə imkan vermir. Hər il bu, təkrar olunur. Gələcəkdə rüsum məsələsinə də baxmalıyıq və müəyyən güzəştlər eləməliyik. Çünki Rusiyaya çörəkpulu  qazanmağa gedən insanların qayıdarkən bəlkə də 1500 manat pulu olmur.
18-ci maddədə bir az beynəlxalq konvensiya ilə uzlaşmayan bəndlər var. Bu maddədə məcburi geri qaytarmadan söhbət gedir. Məcburi geri qaytarma ilə bağlı BMT-nin “Qaçqınların statusu haqqında” 1951-ci il konvensiyası və 1967-ci il protokolu var. Eyni zamanda, Azərbaycanın imzaladığı “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiya və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası var. 18-ci maddədəki bənd bu konvensiya ilə uzlaşmır və biz də bu konvensiyanı imzalamışıq. Ona görə buna təkrar baxılmalıdır. Mən belə hesab edirəm ki, bu məsələlər qanunvericilik təşəbbüsünün subyekti ilə müzakirə zamanı mütləq qaldırılmalıdır.
21-ci maddədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması məsələsi göstərilib. Komitənin iclasında mən və Yevda müəllim bu məsələni qaldırdıq. Xidmətin rəhbərliyi dedi ki, elektron vasitələrdən istifadə etməklə bu, sadələşir. Amma nəzərə alaq ki, kənd yerlərində elektron vasitələrdən istifadə etmək olduqca məhduddur. Kim isə valideynlərinin, əzizlərinin hüzr yerinə, toya gələ bilər və 3 gün müddətinə bunu etmədikdə ona mütləq cərimə tətbiq olunur. Ən azı biz Rusiya praktikasını götürməliyik. Bunu 5–7 gün eləmək lazımdır.
Sonda bir məsələni də qeyd eləyim. 55-ci maddədə göstərilir ki, hüquq və vəzifələrini, dövlət dilini bilmədikdə daimi yaşamaq icazəsi verilmir. Dövlət dilini başa düşdük, bilməlidir. Vəzifələrini bilməlidir. Amma “hüquq” nədir? Bunu niyə yazıblar, başa düşə bilmədim. Ümumiyyətlə, qanunun müxtəlif maddələrində təkrarçılıq var və bunlar da sadələşdirilməlidir.
Praktikada bəzi başqa şeylər də var. Qanunda göstərilməsə də, mən məcburam bunu deyəm. İnsanları bəzən  konkret bir poliklinikadan tibbi arayış almağa göndərirlər. Başqa poliklinikalar dövlət müəssisələri deyil? Nəyə görə məhz bir yerə göndərirlər? Əvvəllər praktikada var idi. Sürücülük vəsiqəsini almaq üçün mütləq Heydər Əliyev Sarayının yanında bir poliklinika var, ora getməli, oradan almalı idin. Sonra mətbuat yazdı, bu artıq dağıldı. Yəni belə şeylərə son qoymaq lazımdır. Sənədlərin hazırlanması, vizaların alınması üçün sənədlərin təkrar-təkrar verilməsində də müəyyən güzəştlər olmalıdır. İnsanları təkrar rüsumlar ödəməklə, qapılar arxasında uzun müddət qalmaqla sənədlər əldə etməyə məcbur etmək olmaz. Düzdür, dövlətin burada müəyyən milli, təhlükəsizlik maraqları var. Biz bunların hamısını nəzərə almalıyıq, amma, eyni zamanda, dövlətin milli maraqları və təhlükəsizliyi üçün təhlükə törətməyən sadə Azərbaycan vətəndaşları var ki, bu və ya digər səbəblərdən ikinci ölkənin vətəndaşı olublar. Onların ata-baba yurdlarına gəlməsi üçün sadələşdirilmiş variantlar tətbiq etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən də bir parlament üzvü kimi müxtəlif universitetlərin tələbələrinin burada iştiraklarını və müəyyən bir praktika keçmələrini çox yaxşı hal sayıram. Bu, dünyanın bütün parlament ölkələrində qəbul olunmuş yaxşı bir ənənədir. Çox arzulayıram ki, onlar təkcə təhsil ilinin yekununda deyil,  hər zaman buraya gəlsinlər, müəyyən praktiki biliklərə yiyələnsinlər.
Şübhəsiz ki, bu qanun layihəsinin əhəmiyyətini məndən öncə qeyd etdilər. Lakin zənn edirəm,  bir neçə məqamla bağlı  parlament üzvlərinin baxışlarında kifayət qədər fərqlər var. Əlbəttə, 11-ci maddənin kifayət qədər həssas məsələ ilə bağlı olduğunu qeyd etməliyəm. Həmin həssaslıq onunla əlaqəlidir ki, biz valideynlərdən yalnız birinə övladının xaricə aparılması üçün müstəsna hüquqlar tanımış olsaq və məhkəmə təsisatları burada iştirak etməsə, müəyyən notarial prosedurlar keçirilməsə, bu halda  Rusiya televiziyalarında, demək olar, günaşırı müşahidə etdiyimiz mənzərəni görəcəyik. Yəni orada xarici vətəndaşlarla ailə qurulması, nikahlar geniş bir şəkildə artır. Bunların da əksər hissələri demoqrafik  məna, maraq kəsb edir və nəticədə hüquqi çək-çevir, məhkəmə davaları Rusiyanın ictimai efirini, informasiya məkanını tutur. Bu prosesin Azərbaycanda da təkrarlanmaması üçün belə bir müddəa irəli sürülüb. Mən anlayıram, əlbəttə, burada bürokratizmə aid bir ifadə var. Ancaq valideynlərdən yalnız birinin uşaqlar üzərində bu cür sərəncam vermək hüququna malik olması hər hansı bir Azərbaycan insanının, – onun kişi və ya qadın olmasının fərqi yoxdur, – öz övladı uğrunda vuruşduğunun və dövlətdən yardım istədiyinin şahidi olacağıq. Halbuki bizim qəbul edəcəyimiz qanun da vətəndaşın ziyanınadır.
İkinci məsələ soydaşlarımızın əcnəbi adı ilə başqa vətəndaşlarla eyniləşdirilməsi məsələsidir. Mən bunu xüsusilə də Gürcüstanda yaşayan azərbaycanlılar haqqında demək istəyirəm. Onların müəyyən bir hissəsi 1990-cı illərdə buraya pənah gətirib və sonradan burada ailə qurub. Onların bugünkü ailə statusu qeyri-müəyyən vəziyyətdədir. Övladları xidmət keçir, amma özləri tam vətəndaşa çevrilə bilməyiblər və belə qeyri-müəyyənlik hələ də davam edir.
Mən dövlət tərəfindən atılan son addımları çox təqdir edirəm. Ancaq  hisslərimizin, arzularımızın bütövlükdə qanuna daşınmasının da çox təhlükəli ola biləcəyini vurğulamaq istəyirəm. Mən də, heç şübhəsiz, hamı kimi gürcüstanlı soydaşlarımızı, Dərbənddə olan insanlarımızı, dünyanın müxtəlif ərazilərində yaşayan türk toplumlarını çox istəyirəm, onlara çox böyük sevgim, məhəbbətim var. Amma vətəndaşlıq, oturum və sair kimi məsələləri milli əlamətə görə müəyyənləşdirsək, eyni vəziyyət digər dövlətlərdə də olacaqdır. Onda biz gərək Rusiyanın əmək miqrasiyasına getmiş azərbaycanlılara daha aşağı şərtlər təklif etməsini də qəbul edək. İrandakı soydaşlarımızla bağlı bir üstünlük müddəası irəli sürsək, onsuz da  bizi özlərinin bir ostanı, əyaləti hesab edən qonşumuzun mövqeyini bir az da gücləndirmiş olacağıq. Onlar bizim qanunumuza söykənərək əleyhimizə mövqe tutmağa əsas qazanacaqlar.
Mən 1990-cı illərdə azərbaycanlıların kütləvi köçünü xatırlatmaq istəyirəm. Əvvəl Ermənistanda yaşayan azərbaycanlıların məhz elitası, elmi qabaqcılları gəldilər. Onların vuruşan hissələri Ermənistanda qalmadı və 1989-cu ildə savaş başlayanda ermənilərin önünə çıxan yox idi. Biz indi eyni vəziyyəti digər ölkələrdə yaşayan azərbaycanlılar üçün yarada bilmərik. Mən çox istərdim ki, həmkarlarımız Gürcüstanda, Dərbənddə və digər məkanlarda yaşayan azərbaycanlılar üçün Azərbaycan tərəfindən nələri etməyin mümkünlüyü haqqında düşünsünlər. Potensial humanitar, iqtisadi, elmi, təhsil, diplomatik, informativ məsələlərə  yönəldilsin. Nəinki onların hamısını Azərbaycana gətirib onlara  üstün hüquqlar vermək... Əks halda biz bir daha həmin vəziyyətə gəlib çatacağıq.
Həqiqətən də, yəhudilərin dünyada yaşam modeli fərqlidir. Onlar hansı ölkədə yaşayırlarsa, oranın ictimai-siyasi həyatına qoşulmağa, dövlət idarəçiliyində iştirak etməyə çalışırlar. Az qala heç faizə gəlməyən bir yəhudi yaşadığı ölkənin dövlət rəhbərliyinə çatmağa can atır və  buna nail olur. Biz isə düşünürük ki, yox, vətənpərvər duyğularımız qanunlarda yer almalıdır. Əgər biz təhsil, əmək məsələlərini qaldırsaq, ingilislər də  dünyanın müxtəlif yerlərində məhz ingilislər üçün üstün hüquqlar tələb edəcəklər. Azərbaycanlılar üçün isə təhsildə, əməkdə qeyri-bərabərsizlik yaranacaq, bu da bizi ağrıdacaqdır.
Ona görə də gəlin qəbul edək ki, dünyanın yaşam şərtləri ayrıdır. Biz, təbii ki, dünya çapında öz soydaşlarımızla rabitəni mənəvi xətlərlə gücləndirməliyik. Amma onlara Azərbaycanda ikili vətəndaşlıq və sair kimi hüquqi baxımdan üstün bir vəziyyət yaratsaq, bundan ilk növbədə ermənilər faydalanacaqlar. Onlar da Qarabağda ikili vətəndaşlar – həm Ermənistanın, həm də Azərbaycanın vətəndaşları kimi həm bizim, həm də Ermənistanın imkanlarından yararlanmaq şəraitini qazanacaqlar. Mən, əlbəttə, hesab edirəm ki, bu məcəllə layihəsi ictimai münasibətlər sistemində təkmilləşəcəkdir. Amma bütövlükdə yaxşı hazırlanıb və mən buna səs verəcəyəm.  
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də məcəllə layihəsinin çox yüksək səviyyədə hazırlandığını qeyd edirəm. Bu əlavə və təkliflər də, yəqin ki, üçüncü oxunuşa qədər nəzərə alınacaqdır.
Əsas məsələ ondan ibarətdir ki, bu yeni yaranmış bir xidmətdir. Belə bir məcəllənin olması da bu xidmətin işini daha da asanlaşdıracaqdır, vətəndaşlarımızın və yaxud da əcnəbilərin bu sahədəki hüquqlarının qorunması məcəllənin bazası əsasında həyata keçiriləcəkdir. Mən də burada çıxış edən həmkarlarımızın bəzilərinin fikirlərinə qoşuluram. Amma bəzi məsələləri də demək istəyirəm. Təbii ki, insan üçün çox şey əziz ola bilər. Amma ölkənin, millətin təhlükəsizliyi, dövlətin milli maraqları hamıdan əzizdir, hər şeydən üstündür. Dövlətçilik hər şeydən üstündür. Birinci şərt dövlətçiliyin qorunmasıdır, ikinci şərt digər ölkələrdə yaşayan azərbaycanlılara diqqət ayrılmasıdır. Əgər biz dövlətimizin milli təhlükəsizliyini qorumasaq, dövlət əldən gedər. Bundan sonra isə nə digər ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarını qoruya, nə də onlara  dəstək ola bilərik. Ona görə də bunları nəzərə almalıyıq. Azərbaycanın yerləşdiyi həssas regionun və onu əhatə edən dövlətlərin mövqelərini də nəzərə alıb məhz burada öz mövqeyimizi ortaya qoymalıyıq.
Bəzi yoldaşlar burada çıxışlarında vətənpərvərlik hisslərini ifadə etdilər. Amma bilirsiniz, bu, diasporun yığıncağı və ya qurultayı deyil,  yaxud da 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı hazırlanan bəyanat deyil. Bu, miqrasiya məsələsidir, miqrasiya ciddi məsələdir. Hesab edirəm ki, Miqrasiya Məcəlləsi elə bu istiqamətdə də hazırlanmalıdır. Burada bütün faktlar ölçülüb-biçilib nəzərə alınmalıdır ki, ölkənin milli təhlükəsizliyinə tam şəkildə cavab versin. Mən bütün deputat həmkarlarımı bu məcəllə layihəsinin qəbul olunması üçün səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkürümü bildirirəm. 
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də məcəllə layihəsinin qəbul olunmasına səs verəcəyəm. Ancaq bununla bərabər istərdim ki, layihədəki bir neçə maddə ilə bağlı təklifimi səsləndirim.
Layihənin 45.0.2-ci maddəsinə görə “ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda” şəxsə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Müvəqqəti yaşamaq üçün icazə 500.000 manata adekvat deyil. Yəni 500.000 manat məbləğində investisiya qoyan şəxsə daimi yaşamaq üçün icazə verilməsi daha ədalətli olardı. Hətta Kanadada,  Avropanın bəzi dövlətlərində  500.000 avro və ya dollar pul qoyulanda həmin ölkələrdə daimi yaşamaq üçün icazə verilir. Ola bilsin ki, bu təklifimə xüsusi bir cavab var. Ancaq  hesab edirəm ki, bu müddəanın qanun layihəsinə əlavə edilməsi çox gözəl olardı.
İkinci, layihənin 55.0.2-ci maddəsində deyilir: “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla)” şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir. Sonra onun əvvəl verilmiş icazəsi ləğv edilir. Şəxs həmin xəstəliyə Azərbaycan Respublikası ərazisində yoluxubsa, bu səbəbdən ona icazənin verilməməsi, əvvəl verilmiş icazənin ləğv edilməsi, hesab edirəm ki, ədalətli deyil. Bu maddə həmin xəstəliklərə Azərbaycan Respublikasından kənarda yoluxmuş şəxslərə tətbiq edilməlidir.
Üçüncü təklifim layihənin 55.0.10-cu maddəsi ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə” şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Bu müddəa beynəlxalq praktikaya uyğun deyil. Dünyanın əksər ölkələrində dövlət dilini bilmək vətəndaşlığa qəbul olunmaq üçün iddia edən şəxslərə münasibətdə tələb edilir. Dövlət müvəqqəti yaşayan şəxsə dil öyrətməyi öhdəlik kimi üzərinə götürmürsə, daimi yaşamaq üçün müraciət edən şəxsdən dövlət dilini bilməsi haqqında sənəd tələb edilməsini də ədalətli hesab etmirəm. Çox təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu gün bir çox millət vəkilləri çıxış etdilər, hərə öz fikrini söylədi. Burada əyləşən tələbələr  fikirləşəcəklər ki, Milli Məclisdə bütün müzakirələr bu şəkildə keçirilir. Bu, düzgündür, amma onlar  bilsinlər ki, yeni qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçir. Birinci oxunuşda qanun layihəsi konseptual baxımdan qəbul olunur. İkinci oxunuşda geniş müzakirələr aparılır. Bu müzakirədən sonra, layihə üçüncü oxunuşa hazırlanarkən verilən təkliflər qanunvericilik subyekti ilə birlikdə komitə tərəfindən araşdırılır, ən düzgün həll yolu tapılır və  qanun layihəsi Milli Məclisdə səsə qoyulur.
Bir məsələni də qeyd etmək istəyirəm. Miqrasiya Məcəlləsi nəyə görə yaradıldı? Azərbaycan Respublikasının yüksək sürətlə inkişafı zərurətindən belə bir tələb yarandı. Bu məcəllə layihəsi ehkam deyil, ölkəmiz inkişaf etdikcə, bu məcəlləyə də dəyişikliklər ediləcək, daha da cilalanacaq və təkmilləşəcəkdir. Siyavuş müəllimin söylədiyi kimi, qanunların hamısında dövlətçiliyi qorumaq əsas məsələdir. Hesab edirəm ki, biz bu məcəllə layihəsini qəbul etməliyik. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və bizim müvafiq komitələr tərəfindən deputatların təklifləri araşdırılmalıdır. Mən məcəllə layihəsinin üçüncü oxunuşa çıxarılmasını təklif edirəm.
İndi isə bəzi sualları cavablandırmaq üçün Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevə söz verilir. Buyurun, ikinci oxunuşa aid fikirlərinizi bildirin.  
P.Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk növbədə mənə söz verdiyinizə görə təşəkkürümü bildirirəm. Miqrasiya Məcəlləsi layihəsinin müzakirəsində fəal iştirak etmiş millət vəkillərinə minnətdarlığımı bildirirəm. 
Qeyd etmək lazımdır ki, son dövrlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatı, doğrudan da, sürətlə inkişaf edir.       
Hazırda ölkənin bütün sahələrində uğurlu inkişaf gedir. Bu amil Azərbaycan Respublikasını əcnəbilər üçün cəlbedici ölkəyə çevirmişdir. Artıq əvvəlki illərdən fərqli olaraq bu gün əcnəbi vətəndaşlar iş axtarmaq,  işləmək üçün Azərbaycan Respublikasına üz tuturlar. Hər birimiz gündəlik iş fəaliyyətimizdə bunu daha artıq hiss edirik.
Miqrasiya prosesi bütövlükdə dünyada gedən bir prosesdir. Bu proseslərin aktuallığı, zəruriliyi, əcnəbi vətəndaşların Azərbaycan Respublikasına axınının ildən-ilə artması Azərbaycan Respublikasında yeni bir qurumun – Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zəruri etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, bildiyiniz kimi, 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Miqrasiya Məcəlləsində qeyd olunan məsələlərin həlli bir vəzifə olaraq Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyulmuşdur.
Bildiyiniz kimi, 2009-cu il tarixində “Bir pəncərə” prinsipinin tətbiqi ilə əcnəbi vətəndaşların Azərbaycan Respublikasına gələrkən onların müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti yaşama, daimi yaşama və iş icazələrinin verilməsi bir vəzifə olaraq Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyulmuşdur. “Bir pəncərə” prinsipinin tətbiqindən sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq ayrı-ayrı dövlət qurumlarına deyil, yalnız bir dövlət qurumuna müraciət edir və yekun cavablarını da həmin qurumdan alırlar. Bu da əcnəbilərin ölkə ərazisində olmalarını, yaşamalarını kifayət qədər sadələşdirmişdir. Həmin proseslər, bildiyiniz kimi, bu gün də davam etdirilir.
Ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin nümayəndələri bir çox xarici ölkələrdə olmuş, beynəlxalq təcrübəni öyrənmiş və mütəmadi olaraq qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflər vermişlər. Həmin təkliflər də ölkə rəhbərliyi tərəfindən daim qəbul olunmuş və qanunvericilikdə öz əksini tapmışdır. Bu günün tələbləri ayrı-ayrı qanunvericilik aktlarının bir məcəllədə cəmləşməsini artıq zəruri etmişdir. Ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinin layihəsi hazırlanmış, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış və ölkə rəhbərliyinə təqdim edilmişdir. Gördüyünüz kimi, bu gün artıq millət vəkillərinin iştirakı ilə bu layihə Milli Məclisdə müzakirə olunur.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin dediyi sözləri yada salmaq istəyirəm. Prezidentimiz demişdir: mən bilmək istəyirəm ki, hansı əcnəbi Azərbaycan Respublikasına hansı tarixdə gəlib, hansı ünvanda yaşayır, harada işləyir və hansı tarixdə ölkəni tərk edib. Qarşıya qoyulmuş bu vəzifələr hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən tam şəkildə icra olunur. Belə ki, Dövlət Miqrasiya Xidmətinin bu gün vahid bir miqrasiya məlumat sistemi fəaliyyət göstərir və biz həmin sistem vasitəsilə  əcnəbilərin Azərbaycan Respublikasına hansı tarixdə gəlmələrini, hansı ünvanda yaşamalarını, harada işləmələrini və hansı tarixdə ölkəni tərk etmələrini tam nəzarətdə saxlaya bilirik.
Məcəllə layihəsi işlənərkən mövcud qanunvericilikdə olan bəzi çatışmazlıqların aradan qaldırılmasına çalışılıbdır. Ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlmələri, burada olmaları, yaşamaları sahəsində müəyyən boşluqların aradan qaldırılmasına,  hesab edirəm ki, nail olmuşuq.
Mən bəzi məsələləri hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istərdim. Sahibkarlıq fəaliyyəti ilə bağlı 500.000 manat məbləğində investisiya qoyan əcnəbiyə, bəli, əvvəlki qanunvericilikdə bir il müddətində yaşama icazəsi verilməsi nəzərdə tutulurdu. Bu müddət bir il də uzadılır, növbəti etapda ona 5 il daimi yaşama icazəsi verilirdi. Əvvəlkindən fərqli olaraq artıq Miqrasiya Məcəlləsinin layihəsində nəzərdə tutulubdur ki, Azərbaycan Respublikasına 500.000 manat məbləğində investisiya qoymuş əcnəbi vətəndaşlar dərhal 3 il müddətinə müvəqqəti yaşama icazəsi ala bilirlər. Yəni bu məsələ Miqrasiya Məcəlləsinin layihəsində nəzərdə tutulmuşdur.
Bundan əlavə, əvvəlki qanunvericilikdə daşınmaz əmlaka malik olan əcnəbilərlə bağlı müddəa nəzərdə tutulmamışdı. Lakin bu layihədə artıq həmin məsələ öz əksini tapmışdır. Daşınmaz əmlaka sahib olan, 100.000 manat məbləğində vəsaiti banklara qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dərhal müvəqqəti yaşama icazəsi verilir və bu məsələlər tənzimlənir.
Bir daha hörmətli millət vəkillərinə verdikləri təkliflərə, bildirdikləri fikirlərə görə təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Pərviz müəllim, gələcək üçün deyirəm. Milli Məclisdə layihənin ikinci oxunuşda müzakirələri zamanı, əsasən, millət vəkillərinin verdikləri sualların bəzilərini cavablandırmaq lazımdır. İndi bu, baş vermədi. Mən hesab edirəm ki, bizim komitə ilə bir yerdə üçüncü oxunuşa qədər millət vəkillərinin verdikləri təkliflərə də baxacaqsınız və qanun layihəsini üçüncü oxunuşa çıxaracaqsınız. Çox sağ olun.
İndi səsverməyə keçirik. Bildiyiniz kimi, layihənin ikinci oxunuşudur. Məcəllə 15 fəsil, 82 maddədən ibarətdir. Əgər etiraz etmirsinizsə, fəsilləri beş-beş, sonra layihəni bütövlükdə səsə qoyaq. Xahiş edirəm, I–V fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.03 dəq.)
 Lehinə  102
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
VI–X fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.03 dəq.)
 Lehinə  98
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Nəhayət, XI–XV fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.04 dəq.)
 Lehinə  97
 Əleyhinə  2
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
İndi isə Miqrasiya Məcəlləsinin layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.04 dəq.)
 Lehinə  96
 Əleyhinə  4
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun. Məcəllə layihəsi ikinci oxunuşda qəbul edildi.
Gələn iclasımız mayın 31-də keçiriləcək, yaz sessiyasının son iclası olacaqdır. Ancaq mənə artıq xəbərlər gəlib ki, millət vəkillərinin 90 nəfərinin xahişi ilə, yəqin, bu il sessiyamız iyun ayında da davam edəcəkdir. Çox sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU