13.06.2013 - tarixli iclasın stenoqramı

fDÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX SESSİYASI İCLASININ

PROTOKOLU  № 68

Milli Məclisin iclas salonu.
13 iyun 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Pərviz Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini.

*    *    *

Oqtay Abbasov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Dövlət Metrologiya Xidmətinin rəisi.

*    *    *

Mirqasım Vahabov, Azərbaycan Respublikası Dövlət  Gömrük Komitəsinin baş idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
6. Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
7. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Məlahət İbrahimqızı, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, İqbal Ağazadə, Siyavuş Novruzov, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, Azər Badamov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Sabir Rüstəmxanlı, Çingiz Qənizadə, İlham Əliyev

Təklif: Məcəllə qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

6. Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Valeh Ələsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–11-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Təklif:  12–23-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.33 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

7. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Azay Quliyev, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, Muxtar Babayev, Fazil Mustafa, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Mübariz Qurbanlı

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–12-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Təklif:  13–21-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.14 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.14 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

13 iyun 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.06 dəq.)
İştirak edir  97
Yetərsay             83
  
Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.06 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Onda buyurun, yazılın. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, əziz həmkarlar! Əvvəlcə mən sizin hər birinizi qarşıdakı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edirəm. Bu il milli qurtuluşumuzun 20 illiyidir. 15 iyun çağdaş Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri olan bir bayram, əlamətdar bir gündür. Məhz 1993-cü ildə ulu öndərimiz xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə  gələrək Azərbaycanın müstəqilliyinin əbədiyyətə qovuşmasının təməlini qoydu. Ulu öndərimizin apardığı daxili və xarici siyasətin və bu gün bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, Azərbaycan regionun, Qafqazın lideridir, dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Əlbəttə, hər bir azərbaycanlı kimi biz də bununla fəxr edirik.
Hörmətli Oqtay müəllim, mən seçicilərimizin bir xahişini Sizə çatdırmaq istərdim. Azərbaycan gündən-günə inkişaf edir, dünya miqyaslı, beynəlxalq səviyyəli layihələrə, tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə turizm ildən-ilə sürətlə artır.
Bu gün inkişaf etmiş ölkələrdə akkreditə olunmuş ailələr haqqında qanun var. Xaricdən gələn turistlər məhz bu qanun sayəsində yalnız otellərdə deyil, həm də ailələrdə qala bilirlər. Düşünürəm ki, bizdə də belə bir qanunun qəbul edilməsi həm gənclər mübadiləsində, müxtəlif mübadilələrdə, həm də turizmin inkişafında böyük rol oynayar, eyni zamanda, Azərbaycan xalqının necə bir xalq olduğunu, onun ən yüksək mənəvi dəyərlərini, adət-ənənəsini, tolerantlığını, qonaqpərvərliyini nümayiş etdirmək üçün daha bir real imkan yaradardı.
Mən Sizdən xahiş edərdim ki, gələcəkdə, yəni payız sessiyasında gündəlik müəyyən olunarkən akkreditə olunmuş ailələr haqqında da qanun layihəsinin gündəliyə salınmasına dəstək verəsiniz. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, qanun layihəsi olmaya-olmaya onun gündəliyə salınmasını təklif edirsiniz. İşləyib vermək lazımdır. İşləyib verin, komitələrdə baxılsın, sonra. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətl həmkarlar!  Mənim birinci toxunmaq istədiyim məsələ iki gün öncə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində bir neçə şəxsin həbsi ilə əlaqəlidir. Düşünürəm ki, əslində, buna qədərki dövrdə Azərbaycan dövləti dəfələrlə Qarabağda narkotik maddələrin yetişdirildiyini bildirirdi və bunu Ermənistanın əleyhinə haqlı olaraq siyasiinformatik bir müharibəyə çevirmişdi.
Amma son hadisələr sübut edir ki, İran Ermənistanla təkcə  siyasi, iqtisadi müttəfiq deyil, eyni zamanda, narko-ticarətdə tərəfdaşdır. Qarabağda yetişdirilən bu maddələr, heç şübhəsiz, təkcə gəlir əldə etmək üçün deyil. Onsuz da maksimum 178 milyon dollar büdcəyə malik olan bir yerdə söhbət böyük qazancın dövlət büdcəsinə və Qarabağdakı ermənilərə getməsindən yox, bu narkotiklərin daha artıq dərəcədə bir silah kimi Azərbaycan xalqı əleyhinə yönəldilməsindən gedir. Əslində, bu, müharibənin ayrı bir miqyasda, ayrı vasitələrlə davamı deməkdir.
Ona görə də mən düşünürəm ki, ildə 40 tondan artıq narkotik maddən Azərbaycana hədəf olaraq göndərmək, əslində, bir dövlət siyasətidir. Hamı bilir ki, İranda narkotik maddələrə qarşı necə sərt cəzalar var. Amma bu qədər insanlar haradan peyda olur? Düzdür, bizim daha 12 insanımız bu ağrı-acının qabağında qalacaq. Onlar bu böyük oyunun qurbanlarıdır. Ermənilər bu vasitə ilə də bizi vurmuş oldular.
Amma mən düşünürəm ki, bizim bu məsələyə bağlı reaksiyalarımız təkcə  siyasi münasibətlərdən, parlament etirazlarından ibarət olmalı deyil. Dünyada narkotik maddələr həm də terrorizmin  maliyyələşdirilməsinin əsası kimi götürülür. Ona görə də biz Ermənistanın və Qarabağın hərbi rejimini müxtəlif sanksiyalara məruz qoymaq üçün hüquqi davalar açmalıyıq. Onlar ən azı müxtəlif səfərlərdən məhrum ola bilərlər və sair. Mən düşünürəm ki, bizim bu məsələyə münasibətimiz məhz o müstəvidə olmalıdır. 
Toxunmaq istədiyim ikinci məsələ Türkiyədəki son hadisələrlə bağlıdır. Əlbəttə, biz Azərbaycan dövlətiyik, Türkiyə içərisində vətəndaş hüquqları ilə eyni bir səlahiyyət daşımırıq. Amma Türkiyədə Taksim meydanında bəlli hadisələr üzərində başlanmış proseslər Azərbaycan insanları olaraq bizləri də üzür, narahat edir. Çünki Türkiyədəki stabillik və inkişaf bizim hamımızın marağındadır.
Çox mühüm bir dönəmdə, Yaxın Şərqdə siyasi arxitekturanın formalaşdığı  bir zamanda, 30 ildən artıq davam edərək Türkiyəyə 300 milyard dollara qədər ziyan vurmuş, minlərlə itkilərə səbəb olmuş PPK sorumunun sona çatdığı bir dönəmdə Türkiyənin içərisindən başlanan bu proseslər, heç şübhəsiz ki, həm də xarici güclərin niyyətidir. Bu, mahiyyətcə Azərbaycanın da maraqlarını təhdid edir.
Mən bir parlament üzvü kimi, bir Azərbaycan insanı kimi Türkiyəyə sabitlik arzulayıram, bu prosesləri ən maksimum sürətlə və güclə həll etməyi diləyirəm. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun.  Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. İyun ayının 10-da biz, energetika naziri Natiq Əliyev, Qüdrət Həsənquliyev və mən Avstriyanın paytaxtı Vyanada “Azərbaycanın geosiyasi vəziyyəti və problemləri” mövzusunda millət vəkili Elxan Süleymanovun təşkil etdiyi çox geniş bir beynəlxalq konfransda iştirak etdik. Bir faktı demək kifayətdir ki, Avropanın on bir aparıcı media qurumu orada Azərbaycan problemləri barədə ekspertlərin fikirlərini dinlədi. Çox yüksək səviyyəli bir  tədbir oldu. Hesab edirəm, bu növ təbliğat işləri ölkəmizin maraqlarına xidmət edən və problemlərimizi diqqətə çatdıran ən vacib amillərdən biri kimi qiymətləndirilməli və genişləndirilməlidir.
Mən burada bir vacib məsələyə də toxunacağam. Bəlkə də gülməli səslənəcək, amma məncə, burada gülmək yox, utanmaq bəlkə daha yerində olar. Bu nə ilə bağlıdır? Dəfələrlə biz burada Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizindən istifadə hüququnun məhdudlaşdırılması barədə məsələ qaldırmışıq. Hasarların çəkilməsi, təbii ki, biabırçılıqdır. Dəniz bağlanıbdır, hava yox, külək yox. Bunlar öz yerində. İndi bunların qarşısını almaq mümkün deyil, çünki görməmişlik və acgözlük o səviyyədədir ki, dənizlə insan arasında məsafə yaradıbdır. 
Amma bu gün çimərlik mövsümü başlayır və Azərbaycan vətəndaşının pulsuz çimərlikdən istifadə etmək imkanı, demək olar ki, yoxdur. Mən araşdırma aparmışam, Şıxov çimərliyi – giriş 2 manat, Bilgəh 20 manat, Nardaran 15 manat, Şüvəlan 10 manat. Yəni imkanı olmayan vətəndaş üçün artıq heç bir perspektiv yoxdur ki, dənizdən, xalqın ümumi sərvətindən istifadə edə bilsin.
Ona görə mən bir qanun layihəsi təklif edəcəyəm. Bu qanun layihəsində ən azı nələr nəzərdə tutulmalıdır? Birinci növbədə Azərbaycan Respublikası vətəndaşına ayda 5 gün dənizdə havayı çimmək hüququ  verilsin. Onlara buraxılış verilsin, dənizin kənarında 10 gün təmiz hava almaq hüququ verilsin. Bu hüququ verməsək, pul ödəməyən sıravi vətəndaş dənizdən istifadə etmək imkanına sahib olmayacaq.
Oqtay müəllim, bu çox ciddi bir məsələdir. Vaxtilə Heydər Əliyev də bu məsələni qaldırmışdı ki, çimərliklər pulsuz olmalıdır, insanları bu qədər incitmək olmaz. Vətəndaş çimərliyə gedə bilmir. Baxın, sahil boyu hərə çimərliyin bir hissəsini çəpərləyib və istifadə etmək imkanı ancaq pulladır,  qiymətlərdə də heç bir ölçü-biçi yoxdur. Ona görə də çox sayda şikayətlər alırıq. Mən hesab edirəm, bu məsələyə Milli Məclis mütləq diqqət yetirməlidir ki, heç olmasa, vətəndaşın elementar bir haqqını – dənizdən istifadə etmək hüququnu təmin edə bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  İlk öncə mən də Milli Qurtuluş günü münasibətilə hər kəsi təbrik edirəm.
Bir məsələni qaldırmaq istəyirəm. Universitetləri bitirən bakalavrlar arasında bu çox ciddi narahatlıq yaradan bir məsələdir. Söhbət magistraturaya üz tutan bakalavrlara və magistraturanı qazananlara hərbi xidmətdən möhlət hüququnun verilməsindən gedir. Xarici ölkələrdə olduğumuz zaman da o ölkələrdə təhsil alan gənclərimiz bizə müraciət edir və bu məsələyə aydınlıq gətirilməsini istəyirlər. Çünki bu barədə müxtəlif açıqlamalar çıxıb. Gənclər öyrənmək istəyirlər ki, bu istiqamətdə vəziyyət necə olacaq. Onlar deyirlər ki, mətbuatda müxtəlif insanların bununla bağlı müxtəlif açıqlamaları var – kimlərsə deyir, bu məsələyə baxılır, kimlərsə deyir, yaxın günlərdə baxılacaq. Artıq tədris ilinin sonudur. Magistraturaya üz tutan gənclər və ya magistraturanı qazanacaq gənclər bilmək istəyirlər ki, bu istiqamətdə hansısa addımlar olacaqmı? 
Şəxsən mən hesab edirəm ki, bu gənclərə möhlət hüququnun verilməsi müsbət addım olardı. Ölkəmizdə elmə üz tutan gənclərin sayının artmasına dəstək istiqamətində də yaxşı olardı ki, biz magistraturanı qazanan gənclərə magistraturanı bitirənə qədər hərbi xidmətdən möhlət hüququ verək. Məncə, bu, magistraturaya üz tutan bakalavrlara da çox böyük bir dəstək olardı.
Qarşıda bizim bir iclasımız var. Yəni əslində, bu iclasa qədər bu istiqamətdə parlament səviyyəsində bir addım olacaqsa, olacaq, olmayacaqsa, demək, bu tədris ilində bu prosesin olmayacağı gözlənilir. Belə bir düşüncə varmı? Məncə, imkan daxilində bu məsələyə yenidən baxmağımız çox müsbət addım olardı.
İkinci məsələ. Bizim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən parlamentə bununla bağlı bir layihə gəlməli idi. Söhbət çoxuşaqlı ailələrə dəstək istiqamətində  qəhrəman ana statusunun bərpası məsələsindən gedir. Bu barədə regionlarda ailələr bizə suallar verirlər. Bu da açıqlanıb ki, bu məsələyə baxılacaq. Çox yaxşı olardı ki, gələn iclasımızda olmasa da, növbəti sessiyamıza qədər bu məsələ də bizim qanunvericilik işləri planına daxil ediləydi ki, ona baxa biləydik. Dövlət qurumları bu ailələrə dəstək istiqamətində parlamentə belə bir layihə göndərəcəklərini açıqlayıblar. Çox yaxşı olardı, əgər gəlibsə, biz bu məsələyə yaxın zamanlarda baxaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə istərdim ki, bizim deputat həmkarımız Asim Mollazadəni 60 illik yubileyi münasibətilə təbrik edim. Əlamətdar haldır ki, Asim Mollazadə müxalifət təmsilçisi olaraq cənab Prezident  tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Asim Mollazadə  mərhum Prezidentimiz Əbülfəz Elçibəyin müavini olub. Hesab edirəm ki, bu, yaxşı bir ənənənin başlanğıcıdır. Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında da söylədi ki, ölkədə milli dəyərlərə sadiq, milli maraqların keşiyində dayanan müxalifət var.
Ölkə Prezident seçkiləri dövrünə qədəm qoyur. Mən düşünürəm ki,  belə bir müxalifətlə Yeni Azərbaycan Partiyasının və  iqtidarın  bir dialoqa girməsinə çox böyük ehtiyac var.
Mən bir şeyi də millət vəkillərinin və  Yeni Azərbaycan Partiyasının rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm. Hamımız bilirik ki, 1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda xarici güclər bu qiyamı təhrik etdilər. Qiyamın arxasında onlar dayanmışdılar.
Bu gün ölkənin Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan müəyyən şəxslər o zaman da  orduda yüksək postlarda təmsil olunurdular. Amma onlar Ali baş komandanı və dövləti müdafiə etmədilər və qiyam qanuni hakimiyyəti devirdi.
Həmin şəxslər bu gün də Müdafiə Nazirliyinin rəhbərliyindədirlər.  İndi mənim kifayət qədər şübhə ilə yanaşmağa haqqım var ki, belə bir təhlükə yaranarsa, onlar yenə də Ali baş komandanı və dövləti müdafiə edəcəklərmi?
Ona görə də təklif edirəm ki, həm hökumətin tərkibi, həm Müdafiə Nazirliyinin rəhbərliyi milli kadrlarla gücləndirilsin. Bu gün ölkədəki bütün milli qüvvələrin həmrəyliyinə və əməkdaşlığına çox böyük ehtiyac var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, narahatçılığa heç bir əsas yoxdur. Çünki Azərbaycanda sabitlik var və olacaqdır. Biz onu da bilirik ki, müəyyən xarici qüvvələr bu sabitliyi pozmağa çalışırlar. Amma əminik ki, onların səyləri hədər gedəcək. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputat həmkarlarım, iki gündən sonra Azərbaycanda 15 iyun Milli Qurtuluş günüdür. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi. Həmin tarixi hadisə bu zalda baş verdi. 
Heydər Əliyev şəxsiyyətinin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycanın ən yeni tarixi yazılmağa başladı. Azərbaycan öz müstəqilliyini itirmək və parçalanmaq qorxusundan, vətəndaş müharibəsi təhlükəsindən, təbii resurslarının xarici ölkələr tərəfindən istismar olunması təhlükəsindən azad oldu.
Bir şəxsin hakimiyyətə gəlməsi ilə, onun böyük siyasi təcrübəsindən istifadə edilməsi ilə, doğrudan da, bu xalq özünün qüdrətini və dünya  birliyində layiqli yer tutduğunu göstərə bildi. 20 illik tarix göstərdi ki, həmin dövrdə qəbul edilmiş qərar düzgün idi. Heydər Əliyev təcrübəsinə, Heydər Əliyev dünyagörüşünə tək Azərbaycanın deyil, dünyanın da böyük bir ehtiyacı var idi.
Həmin gündən başlanan siyasət bu gün də davam etdirilir. 15 iyun Azərbaycanın tarixində, doğrudan da, çox görkəmli bir tarixdir. Mən bu münasibətlə deputat həmkarlarımı, Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Məndən əvvəl çıxış eləyən deputat həmkarım Qüdrət Həsənquliyev həmin dövrdə dövlət çevrilişi olduğunu dedi. Mən yada salmaq istəyirəm ki, dövlət çevrilişi hakimiyyətin zorla devrilərək onun yerini Konstitusiyadan kənar hakimiyyətin ələ keçirməsidir. Hüquqşünas kimi cənab Həsənquliyev bunu bilməli idi.
1993-cü ilin iyununda başlanan proseslər Azərbaycanda onun da təmsil olunduğu hakimiyyətin siyasi və hüquqi böhranı idi. Xalq həmin hakimiyyətə öz dəstəyini vermədi və Konstitusiya ilə hakimiyyət dəyişikliyi baş verdi. Həmin ilin avqustunda isə referendumda seçicilər mütləq əksəriyyətlə həmin  dövr ölkə prezidenti olmuş şəxsə etimadsızlıq göstərərək yeni seçkilərə getmək əzmində olduqlarını nümayiş etdirdilər. Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq sözün əsl mənasında ya tarixi bilməmək, ya da onu indi gənc nəslə tamam başqa bir formada təqdim etməkdir.
1993-cü il iyunun 15-də Azərbaycanda, doğrudan da, milli qurtuluş baş verdi və Azərbaycan xalqı bugünkü stabilliyə, bugünkü inkişafa, bugünkü dövlət qüdrətinə görə məhz o böyük şəxsiyyətə borcludur. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən 2013-cü ilin Azərbaycanda seçki ili olduğunu bir daha xatırladıb bir neçə məsələyə aydınlıq gətirmək istərdim.
İlk növbədə qeyd edim ki, seçki ilində siyasi məhbusların sayının çox olması nəticə etibarilə ölkənin demokratikləşməsinə və onun beynəlxalq aləmdəki yerinə ciddi zərbə vurur. Mən hesab edirəm ki, bu məsələdə biz çox ciddi şəkildə düşünməliyik. İyun ayının 18-də İsmayıllı hadisələrinə görə qeyri-qanuni həbs olunmuş İlqar Məmmədovun və Tofiq Yaqublunun işi ilə bağlı Avropa Məhkəməsinin Azərbaycan tərəfinə verdiyi vaxt başa çatır. Onların həbsdən azad olunmasını mən də bir neçə dəfə tələb etmişəm. Onlar həbsdən azad olunmalıdırlar.
Hesab edirəm ki, nidaçı gənclər həbsdən azad olunmalıdırlar. Çünki bütün bunların hamısı nəticə etibarilə seçkinin beynəlxalq aləmdə tanınmasına mənfi təsir göstərəcək. Seçki öncəsi vəziyyətin qeyri-demokratik olmasına dəlalət edən bu kimi hallar seçkiyə ciddi kölgə salacaq, çox ciddi problemlər yaradacaq, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdəki imicinə ciddi zərər vuracaq. Ona görə də hesab edirəm ki, həbs olunan şəxslərin hamısı barədə ən azı istintaq gedən dövrdə həbs qətimkan tədbiri dəyişdirilməlidir. Bununla əlaqədar olaraq məhkəmələrə müraciət edilməlidir. Azərbaycan hökuməti bununla bağlı siyasi addım atmalı, bundan əvvəl həbs olunmuş siyasi məhbusların  hamısı həbsdən azad olunmalıdır.
Mən ikinci bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ hər zaman aktual olub. Azərbaycanın Dövlət himni səslənərkən nə Milli Məclisdə, nə idman komandalarında, nə də digər kollektivlərdə onu oxumalı olanların heç biri reaksiya vermir. Mən hesab edirəm, “Dövlət atributları haqqında” Qanuna dəyişiklik edilməli və həm idman oyunlarında, həm də dövlət tədbirlərində Dövlət himninin oxunması bütün şəxslər üçün vacib hesab olunmalıdır. Hər kəs Dövlət himnini oxumalıdır. Biz Dövlət himnini oxumasaq, dövləti sevdirmək, dövlətin cəmiyyətdə yerini və rolunu müəyyən etdirmək çətin olacaq. Çox sağ olun. 
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bütün həmkarlarımı və bütövlükdə Azərbaycan xalqını qarşıdan gələn Milli Qurtuluş günü münasibətilə ürəkdən təbrik edirəm. Həmin qurtuluşdan başlanan yol hər bir Azərbaycan vətəndaşının gözü qarşısındadır. Bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər ölkəmizin geniş iqtisadi inkişafının, ictimai-siyasi sabitliyinin, Azərbaycanda həyata keçirilən demokratik proseslərin, siyasi islahatların nəticəsidir.
İkinci bir məsələyə münasibətimi bildirmək istəyirəm. Burada “siyasi məhbus” ifadəsi işlədildi. Biz bu ifadəni siyasi opponentlərimizin dilindən dəfələrlə eşitmişik.
Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. Bu şəxslər hansı siyasi partiyanın üzvü olurlarsa-olsunlar, o siyasi partiyanın üzvü olduqlarına görə deyil, törətdikləri əmələ görə məsuliyyət daşıyırlar.
İkinci tərəfdən onların hansı biri prezidentliyə namizədliyini irəli sürüb ki, indi onların tutulması bu boyda ölkədə gedən proseslərin üzərinə hər hansı bir kölgə sala bilsin? İki dələduzun tutulması yəni Azərbaycanda gedən ictimai-siyasi proseslərə və yaxud seçki sisteminə hansısa ləkə gətirəcək? Belə getsə, hər tutulan deyər ki, məni buraxmasalar, nə bilim, BMT qərar qəbul edəcək, Avropa Şurası qərar qəbul edəcək və sair. Onda tamamilə qanunsuzluq, özbaşınalıq baş alıb gedər. Qanun hər şeydən üstündür. İstintaq gedir. Tutulan hər bir şəxsin hansısa bir təqsiri varsa, o, sübut olunacaq.
Bir də ki, nəyə görə indiyə qədər Avropa Məhkəməsi bir müəllimin,  həkimin və ya kənd təsərrüfatı işçisinin, yaxud bir qaçqının hüququnu müdafiə eləmir, elə ancaq onlara işləyən, onlara xidmət eləyən, onlara xidmət göstərən, onların tapşırıqlarını yerinə yetirən şəxslər barədə dərhal bəyanat verir? İstintaq gedir, istintaq araşdırmalıdır, hər şeyi açıb göstərməlidir, ondan sonra bu məsələlərə baxılmalıdır. Azərbaycanda seçki mühiti üçün həm qanunvericilik baxımından, həm ictimai-siyasi baxımdan, həm də hər bir kəsin namizədliyinin irəli sürülməsi baxımından tam  şərait var.
Bu yaxınlarda Yeni Azərbaycan Partiyası öz qurultayını keçirdi və namizədini irəli sürdü. Digər partiyalar hələ məşvərət keçirir. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa-başqa dərnəklərin adından öz namizədliklərini irəli sürmək istəyirlər. Bu onu göstərir ki, onlar Azərbaycanda keçirilən seçkidə iştirak etmək yox, seçkinin üzərinə kölgə salmaq istəyirlər. Çünki onlar bilirlər ki, seçkidə iştirak edərlərsə, bir faizdən yuxarı səs ala bilməyəcəklər. Yeni Azərbaycan Partiyasının namizədi qarşısında onlar çox zəif, çox cılızdırlar. Ona görə də müxtəlif bəhanələr gətirirlər – filankəs tutuldu, seçkiyə kölgə düşdü, göydən daş gəldi, seçkiyə kölgə düşdü, yaxud külək əsdi, seçkiyə kölgə düşdü. Bunlar hamısı bəhanələrdir və mən hesab edirəm ki, bu bəhanələrə oktyabrın 16-da son qoyulacaq.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də bəri başdan Sizi və bütün həmkarlarımı qarşıdan gələn 15 iyun Milli Qurtuluş günü münasibətilə ürəkdən təbrik edir, hamınıza can sağlığı arzu edirəm.
Bu yaxınlarda milli təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində bir daha bəlli oldu ki, Ermənistanın hərbi xuntası Dağlıq Qarabağı narkotacirlərin və terrorçuların yuvasına çevirib. Burada Yaxın Şərq regionunda döyüşən muzdurlar, terrorçular da hazırlanır, gizli silah satışları da reallaşdırılır.
Təəssüflər olsun ki, beynəlxalq birlik buna çox  biganə yanaşır. Əgər beynəlxalq birlik ortaya birmənalı mövqe qoyarsa, bu, regionda çox böyük bir təhlükənin qarşısını almış olar. Hər zaman Azərbaycandan demokratiya, insan hüquq və azadlıqları tələb edən qüvvələr öz  torpaqlarından qovulmuş bir milyon qaçqın və məcburi köçkünün haqqını  nədənsə Ermənistandan sormur. BMT Təhlükəsizlik Şurasının Liviya haqqında çıxardığı qərar iki saat ərzində həyata keçirildiyi halda, 1992-ci ildən qəbul edilmiş qətnamə hələ də kağız üzərində qalır. Bütün bunlar dünyada hələ də ədalətsizliyin olduğunu nümayiş etdirir.
Ona görə də ümumbəşəri ideyalara öz töhfəsini verən sülhsevər xalqımız kimi bizlər də hakimiyyətin ətrafında sıx birləşməli, monolitliyimizi qoruyub saxlamalı, nümayiş etdirməli, eyni zamanda, dünya ictimaiyyətinə müraciət etməliyik ki, bu ədalətsizlik aradan qaldırılsın, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə son qoyulsun. Əminəm ki, Ermənistan dünya güclərinin maraqlarına sonsuza qədər xidmət etməyəcək. Zaman gələcək ki, Ermənistan etdiyi bütün cinayətlərə görə cavab verəcək. Məncə, gücümüzü həmin günə qoruyub saxlamalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Oqtay müəllim, hörmətli Məclis! Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Bunun biri Abşeronla, ümumiyyətlə, Bakının çevrəsi ilə bağlıdır. Bakı bir tərəfdən, doğrudan da, abadlaşır, Bakının köhnə siması yenilənir. Amma, eyni zamanda, Bakının böyürbaşında heç bir tikinti və müasir arxitektura tələblərinə cavab verməyən qəsəbələrin sayı artmaqdadır.
Abşeron unikal bir yerdir, gərək qorunsun. Amma o hər tərəfdən təzyiq altındadır. Respublikanın bütün xətləri bu balaca yarımadada gəlib birləşir.
Maraqlıdır, Pirallahı yeni rayon olub, amma Pirallahıya gedən dəmir yolunu söküb götürürlər. Bakıda tramvaylar yığışdırıldı, başa düşdük. Amma Abşerondan elektrik dəmir yolu niyə götürülür, anlamaq olmur. Bu son dərəcə gözəl bir nəqliyyat vasitəsi idi. Dünya yenilənir, elektrik qatarları dəqiq və ucuz nəqliyyat vasitəsi kimi hər yerdə artırılır. Bizdə, əksinə, kiminsə marağına və iştahına görə o yollar sökülür və Pirallahı adası da Bakı ilə çox sərfəli dəmir yolu əlaqəsini itirir. Birinci mən buna diqqəti cəlb etmək istəyirdim.
Abşeron başdan-başa hasara alınıb, bütün sahələr hasarlanıb. Kimindir bu hasarlar? Gah uçururlar, gah təzədən tikirlər. Torpaq sahələri əvvəlcədən bölünüb, sonra da hissə-hissə satılır. Məncə, Abşeron torpaqlarına xüsusi monitorinq qrupu təyin olunmalı və bu yarımadadakı bütün torpaqların kimlərə satıldığı müəyyənləşdirilməlidir.
Bundan əlavə, Qaradağ yolunun üstündə tarixi bir mayak var idi. O mayakın yerləşdiyi təpəni söküb aparıblar, mayak qalıb ortada. Bu, abidədir, dənizçilikdən bir abidədir. Siz gedin ayrı bir yerdən torpaq daşıyın da. Niyə dənizin sahilindəki bu təpələri söküb aparırsınız?
Mənim toxunmaq istədiyim ikinci məsələ son vaxtlar tariximizə olan münasibətlə bağlıdır. Hətta bizim mətbuatımızda da tarixi şəxsiyyətlərimiz, böyük şairlərimiz, yazıçılarımız aşağılanır. Görünür, buna rəvac verən beynəlxalq qurumlar da var. Məsələn, Türkiyədə son vaxtlar Şah İsmayıl Xətai ilə bağlı bir yandan məzhəbçiliyi, bir yandan da qarşıdurmanı gücləndirən bəzi yazılar gedir.
Son vaxtlar “Kanal 24”-də Şah İsmayıl Xətai haqqında çox aşağılayıcı bir veriliş gedib. Bizim eşitdiyimizə görə bunun arxasında SOCAR dayanır, o kanalı guya o alıb. Bilmək olmur, bizim şirkətlərimiz aldıqları bu kanallar vasitəsilə kimə xidmət eləyirlər. Xahiş edirəm, SOCAR-ın rəhbərliyi buna bir aydınlıq gətirsin. “Kanal 24” onlara  məxsusdursa, orada niyə bizim rəhbərliyimizin, dövlətimizin yüksək qiymət verdiyi tarixi şəxsiyyət – Şah İsmayıl Xətai haqqında belə aşağılayıcı verilişlər gedir?
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də qarşıdan gələn Milli Qurtuluş günü münasibətilə xalqımızı təbrik edir və cənab Prezidentin rəhbərliyi altında  müstəqilliyimizin gündən-günə daha da möhkəm olmağını arzulayıram. 
Hörmətli həmkarlar, bu il on minlərlə gəncimiz orta məktəbləri bitirib ali məktəblərə imtahan verəcək. Dövlət bütün gənclərə öz bilik və bacarıqlarını göstərmək üçün yüksək şərait yaratmışdır. Abituriyentlər heç bir müdaxilə olmadan test imtahanından keçməklə tələbə adını qazanırlar. Test imtahan sistemi qəbulda yüksək obyektivliyin təmin olunmasına şərait yaratmışdır. Bütün cəmiyyət dövlət qəbul imtahanları sistemini çox yüksək dəyərləndirir.
Amma mən indi sizin diqqətinizi qəbul imtahanları ilə bağlı, demək olar ki, bütün abituriyentləri düşündürən bir məsələyə yönəltmək istəyirəm. Abituriyent imtahanda 125 sualı cavablandırmalıdır, buna da 3 saat vaxt verilir. Yəni hər sualın cavabını tapıb yazmağa 1 dəqiqə 40 saniyə vaxt düşür. İmtahanlarda bir neçə dəqiq fənnin olduğunu nəzərə alsaq, düşünürəm ki, məsələləri həll eləyib cavabları yazmaq üçün bu vaxt çox azdır. Yəni abituriyent ya bunları əvvəldən əzbərləməli, ya da düşünərək yeganə düzgün cavabı yazmalıdır. Vaxtın darlığı abituriyentin qaralamada yazdığı cavabları cavab kartına köçürərkən də çoxlu səhvlər etməsinə gətirib çıxarır. Vaxtın azlığı tələskənliyə səbəb olur ki, bu da bir çox bilikli gəncin arzuladığı, sevdiyi ixtisaslardan kənarda qalmasına gətirib çıxarır.
Əgər imtahan müddəti 3 saat əvəzinə 4 saat müəyyənləşdirilərsə, gələcək həyatını seçdikləri ixtisaslarda görən bütün abituriyentlərin tələskənliyə yol vermədən öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün tam şərait yaradılmış olar. Əlaqədar qurumlardan xahişim budur ki, bu məsələyə yenidən baxılsın. Çox sağ olun.   
Sədrlik edən. Çox sağ olun. Gündəlikdə olan məsələlərin müzakirəsinə keçirik. Birinci məsələ. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında (üçüncü oxunuş). Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Mən ilk növbədə Miqrasiya Məcəlləsinin müzakirəsi zamanı çox maraqlı fikirlər və təkliflər söyləmiş hörmətli millət vəkillərinə təşəkkürümü bildirirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, komitəyə bir sıra beynəlxalq təşkilatlardan, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyindən Miqrasiya Məcəlləsi ilə bağlı təkliflər daxil olmuşdu. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, ABŞ–Azərbaycan Ticarət Palatası və Gürcüstan əsilli Azərbaycan ziyalıları tərəfindən də  təkliflər verilmişdi.
Biz bu təkliflərin hər birini qanunvericilik təşəbbüsü subyekti ilə çox ciddi şəkildə müzakirə etdik. Əvvəl bu  müzakirələrin  ümumi nəticələrini, sonra isə daha konkret bir neçə məsələni diqqətinizə çatdıracağam. Məsələ burasındadır ki, bir çox təkliflər digər qanunvericilik aktlarının predmetidir. Misal üçün, qaçqınlarla, o cümlədən vətəndaşlıq məsələləri ilə bağlı təkliflər digər qanunvericilik aktlarının subyektidir.
Qeyd etmək istəyirəm ki, Miqrasiya Məcəlləsi hazırlanarkən hələ ilkin variantda belə bir ideya var idi ki, burada vətəndaşlıq məsələlər xüsusi bir fəsildə öz əksini tapsın. Amma sonra bu ideyadan imtina olundu. Hesab edirəm, bu daha düzgün qərar idi. Çünki vətəndaşlıq məsələləri ilə miqrasiya məsələlərinin kəsişdiyi nöqtələr olsa da,  Miqrasiya Məcəlləsinin məqsədi fərqlidir. Buna görə də hesab edirəm ki, qanunvericilik təşəbbüsünün subyekti düzgün nəticəyə gəldi və bu məsələlər bir-birinə qarışdırılmadı. Bu baxımdan biz həm beynəlxalq təşkilatların, həm də hörmətli millət vəkillərinin miqrasiya ilə bağlı olan, amma birbaşa bu  məcəllənin predmetinə aid olmayan məsələlər barədə təkliflərin nəzərə ala bilməmişik.
Amma, eyni zamanda, bir sıra məsələlər nəzərə alınmışdır. Onları qeyd etməliyəm ki,  stenoqramda öz əksini tapsın. Qanun layihəsində verilmiş “vətəndaşlığı olmayan şəxs” anlayışı dəyişdirilərək beynəlxalq konvensiyaya uyğunlaşdırılmışdır. Məcəllənin 79.3-cü maddəsinə Azərbaycan Respublikası tərəfindən  qaçqın statusu və siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının ərazisindən kənarlaşdırma haqqında qərarın qəbul edilməsi ilə bağlı müddəa əlavə edilmişdir.
Bundan başqa, işçi qrupunda da bir sıra əhəmiyyətli təkliflər səslənmişdi ki, biz onları da qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik və onlar da nəzərə alınmışdır. Məcəllənin 21-ci maddəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması prosedurunu asanlaşdırmaq məqsədi ilə qeydiyyat üçün  tələb olunan sənədlərin təkcə poçt, elektron poçt və ya müvafiq icra hakimiyyəti orqanının  internet informasiya ehtiyatı vasitəsilə deyil, həm də Dövlət Miqrasiya Xidmətinə şəxsən təqdim edilməsi nəzərdə tutulmuşdur. Əslində, qeydiyyat prosedurunu artıq bir portala daxil olmaqla həyata keçirmək mümkün olacaq.
Azərbaycan Respublikası son dövrlər çoxsaylı beynəlxalq tədbirlərə  ev sahibliyi edir. Bilirsiniz ki, Azərbaycanda bir sıra beynəlxalq parlament tədbirləri də keçirilir və bu hələ uzun illər davam edəcək. Azərbaycanın artan nüfuzunu nəzərə alaraq və xarici vətəndaşlarla bağlı yaranan problemlərin həlli məqsədi ilə məcəllənin 37.6-cı və 64.0.18-ci maddələrinə  dəyişiklik edilmişdir. 37.6-cı maddədə müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi hallarda ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizanın verilməsi haqqında vəsatətlərinə ən geci iki iş günü ərzində baxılması, 64.0.18-ci maddədə isə yenə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsinin alınmasından azad olunmaları nəzərdə tutulur.
Hesab edirəm ki, bu, mühüm dəyişiklikdir. Bundan sonra irimiqyaslı beynəlxalq tədbirlər zamanı müvəqqəti olaraq həmin dövr üçün bu maddələrə istinad edərək əcnəbilərə vizaların verilməsi ilə bağlı proseduru çox sürətli və asan şəkildə həll etmək mümkün olacaqdır.
İndi isə hörmətli millət vəkillərinin səsləndirdikləri bəzi fikirlərə də münasibətimi bildirim. Çünki bunlar, həqiqətən, vacib məsələlərdir. Qeyd etdiyim kimi, Miqrasiya Məcəlləsi həm beynəlxalq təşkilatların, həm də bizim ictimaiyyətin maraq dairəsində olmuşdur.
Hörmətli Fazil müəllim “əmək miqrasiyası kvotası” və “sərhədyanı miqrasiya” anlayışları ilə bağlı fikirlər, təkliflər irəli sürmüşdü. Qeyd etmək istəyirəm ki, bu məsələlər müzakirə olunub. Əmək miqrasiyası kvotası, ümumiyyətlə, beynəlxalq təşkilatların və o cümlədən BMT-nin tövsiyələrinə uyğun olmadığına görə biz bu məsələdən imtina etmişik. Yəni belə bir anlayış verilmir.
Hörmətli həmkarlar, bilirsiniz ki, Azərbaycanda ancaq bir halda sərhədyanı miqrasiya məsələsi müzakirə predmeti olmuşdur.  Azərbaycanla İran arasında bir saziş mövcud idi. Xatırlayırsınızsa,  o sazişin müddəti bitdi və sonradan artırılmadı. Faktiki olaraq bu gün Azərbaycanda “sərhədyanı miqrasiya”  anlayışı və bununla bağlı məsələlər artıq yoxdur. Yəni “sərhəd”, “xarici ölkələr”, “xarici ölkədən miqrasiya” anlayışları mövcuddur. Bu gün Azərbaycan hüquq sistemində “sərhədyanı miqrasiya” anlayışından istifadə edilmir.
Bir məsələni də qeyd etmək istəyirəm. Mən belə başa düşdüm ki, Fazil müəllim də 1992-ci il yanvar ayının 1-dən ölkəmizdə daimi yaşamaq icazəsi alan, vətəndaşlığı olmayan şəxslərdən bəhs edərkən bunu nəzərdə tuturdu. Vaxtilə Cənubda Azərbaycan Milli Hökuməti yaradılmışdı, ancaq 1946-cı ildən sonra cənublu bir sıra soydaşlarımız Azərbaycana gəldilər. Onlar mühacirətdə idilər və təqiblərə məruz qalırdılar. Təbii ki, onların müəyyən bir qisminin Azərbaycan Respublikasının vətəndaşlığına dair ayrıca  pasportları var idi və bu günə qədər də bu, davam edir.
Bu soydaşlarımızın sayı təxminən 500–600 nəfər olar. Onlar da Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı sənədlərini təqdim edərkən 110 manat məbləğində dövlət rüsumu ödəməlidirlər. Bəlkə də hökumət qarşısında belə bir məsələ qaldıra bilərik ki, onlar bu rüsumu ödəməkdən azad olunsunlar və onların da vətəndaşlıq məsələsi, pasport almaq məsələsi həllini tapsın. Çünki bu soydaşlarımız parlamentdə müvafiq komitədə, Prezident Administrasiyasında qəbullarda olan zaman bildirirlər ki, 110 manat onlar üçün kifayət qədər böyük məbləğdir və ona görə də sənədləşdirməni həyata keçirə bilmirlər.
Qeyd edim ki, millət vəkilləri də ikinci oxunuş zamanı rüsumun məbləği ilə bağlı məsələ qaldırmışdılar. Onlar bildirirdilər ki, 110 manat rüsum ailə üzvləri üçün kifayət qədər böyük məbləğdir. Yəni ailə 4–5 nəfərdən ibarət olanda bu, 500–600 manat edir. Ancaq vurğulamaq istəyirəm ki, bu məsələ Miqrasiya Məcəlləsinin predmeti deyil. Yəni mövqe belədir ki, əgər “Dövlət rüsumu haqqında” Qanuna bu rüsumun  məbləğinin azaldılması ilə bağlı təklif verilərsə, hüquq sektoru bunu dəstəkləyər, yəni biz bunun əleyhinə deyilik. Sadəcə olaraq, biz bunu Miqrasiya Məcəlləsində həll edə bilmirik. Bu, “Dövlət rüsumu haqqında” Qanunun predmetidir və hesab edirəm ki, bu mövzunu daha çox iqtisadçılarla birlikdə müzakirə etmək lazımdır.
Verilən təkliflərdən biri də Azərbaycandan gedən vətəndaşların  miqrasiya uçotunun aparılması ilə bağlı idi. Bu məsələni Fazil müəllim qaldırmışdı. Qeyd etmək istəyirəm ki, Azərbaycandan gedən istənilən şəxs istənilən məqsədlə, hətta turizm məqsədi ilə hansısa bir ölkəyə getsə,  o bizim həmin ölkədəki səfirliyimizdə qeydiyyata düşə bilər və bu onun hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli olar. Amma ölkədən gedən bütün vətəndaşların miqrasiya uçotunun aparılması daha çox total nəzarət sistemini xatırladır və hazırda azad cəmiyyətdə buna heç bir ehtiyac yoxdur.
Bir sıra millət vəkillərinin, o cümlədən hörmətli Azər Badamovun, Qənirə Paşayevanın narahatçılıqla qaldırdıqları əsas məsələ 11-ci maddə ilə, yən valideynin yetkinlik yaşına çatmayan vətəndaşı digər valideynin icazəsi olmadan Azərbaycan Respublikasından çıxarması ilə bağlı idi.  Hörmətli millət vəkilləri qeyd edirdilər ki, bəzən valideynlərdən biri uzun illər xaricdə olur, ailəsi ilə maraqlanmır və bir gün təhsillə, xəstəliklə bağlı elə bir situasiya yaranır ki, övladı ilə qalan valideyn onu ölkədən çıxarmaq məcburiyyətində qalır. 
Biz bu məsələni müzakirə etdik. Əlbəttə, ilkin olaraq müəyyən razılıq var idi. Ancaq şəxsən mən bunun əleyhinə idim. Mən hesab edirəm, – hüquqşünas həmkarlarım da sonradan daha düzgün nəticəyə gəldilər, – biz gərək bu məsələdə emosiyaya qapılmayaq. Çünki bu, sui-istifadə hallarına şərait yarada bilər. Bu hallarla bağlı Zahid Oruc  düzgün mövqe bildirmişdi. Yəni burada uşaqların başqa məqsədlərlə Azərbaycandan çıxarılması, qaçırılması halları da ola bilər. Bir sıra ölkələrdə bu hallar müşahidə olunur.
Məcəllədə olan prosedur məhkəmə prosedurudur. Əgər valideyn uşağı ölkədən çıxarmaq istəyirsə, ölkədə olmayan və ailəsi ilə uzun illər maraqlanmayan digər valideynlə bağlı bu proseduru əvvəlcədən həyata keçirə bilər. Yaranan narazıçılıq ondan ibarətdir ki, bu məhkəmə proseduru uzundur. Amma valideynlərdən biri artıq uzun illərdir övladı, ailəsi ilə maraqlanmırsa, digər valideyn bununla bağlı öncədən tədbir görə,  məhkəməyə müraciət edə bilər.
Nə qədər ki digər valideyn valideynlik hüququndan məhrum olunmayıb, onun belə hüququ var və bu hüquq mülki qanunvericilikdə tanınır. Təbii ki, istənilən halda ya onun özünün  razılığı, ya da bu razılıq olmadıqda məhkəmə qaydasında bir icazə, qərar olmalıdır ki, digər valideyn uşağı ölkədən çıxara bilsin. Hesab edirəm ki, bu  bizim mülki qanunvericiliyimizə və hüququn aliliyi prinsipinə daha uyğundur. Sadəcə, valideynlər gərək öncədən tədbirlərini görmüş olsunlar.
Millət vəkilləri tərəfindən bir sıra məsələlər qaldırılmışdı. Bu daha çox  “əcnəbi” anlayışı ilə bağlı idi. Həmin məsələ üzərində çox dayanmaq istəmirəm. Hörmətli Siyavuş Novruzovun da qeyd etdiyi kimi,  Miqrasiya Məcəlləsində diaspor məsələlərini müzakirə etmirik. Burada verilən anlayışlar çox konkretdir. Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın hamısına böyük hörmətlə yanaşırıq, amma  onlar  əgər Azərbaycan Respublikasının vətəndaşı deyillərsə, o zaman əcnəbidirlər və bu məcəllənin müddəaları hamı üçün eyni qaydada tətbiq edilir. Yən Qənirə xanımın dediyi kimi, bəlkə də başqa qanunlarda bu məsələlərlə bağlı müəyyən güzəştlər fikirləşmək olar, amma Miqrasiya Məcəlləsində bunları həll etmək mümkün olmayacaq.
Hörmətli Tahir Rzayevin və Yevda Abramovun qeydiyyatla bağlı qaldırdıqları məsələyə də münasibət bildirmək istəyirəm. Məcəllədə deyilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında  qeydiyyatsız olma müddəti 3 gündür. Təklif olunurdu ki, bu müddət bir qədər artırılsın. Amma mən beynəlxalq təcrübəni nəzərinizə çatdırmaq istəyirəm. Misal üçün, Avropa İttifaqı ölkələrində və Bolqarıstanda bu müddət 48 saat, Çernoqoriyada 1 gün, Ukraynada  1 gün,  Belarusda 3 gün, Çində 1 gündür. Yəni demək istəyirəm ki, Azərbaycanda qeydiyyatsız olma müddəti kifayət qədər normaldır. Əgər insanlar burada daha çox qalmaq arzusundadırlarsa, əlbəttə, bunun üçün  öncədən tədbir görməlidirlər.
Hörmətli millət vəkili Sabir Rüstəmxanlının çox geniş təklifləri olmuşdu. O bu təklifləri yazılı surətdə təqdim etmiş, bir neçəsini isə səsləndirmişdi. Biz də komitə tərəfindən onun bu təklifləri ilə bağlı öz qeydlərimizi yazılı surətdə təqdim etmişik. Düşünürəm ki, Sabir müəllim bizim qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdıraraq təqdim etdiyimiz bu təklifləri nəzərə alacaqdır.
Bizim komitənin üzvü hörmətli Çingiz Qənizadənin  də təklifləri var idi. Amma o, qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələrdə iştirak etdiyinə görə bir sıra məsələlərə elə özü də bir hüquqşünas kimi aydınlıq gətirib. Ona görə onun qaldırdığı məsələlərin üzərində ayrıca dayanmaq istəmirəm.
 Adil Əliyevin də bir sıra təklifləri var idi. Biz onları da ciddi müzakirə etdik. Onlardan xüsusən biri maraq doğururdu. Bu, ölkəyə 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə daimi yaşamaq hüququnun verilməsi ilə bağlı 45.0.2-ci maddəyə edilən təklif idi. Qeyd etmək istəyirəm ki, Azərbaycanın yeni Miqrasiya Məcəlləsində belə bir müddəa var, yəni Azərbaycana 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə burada  daimi yaşamaq icazəsi veriləcəkdir.
Adil müəllimin ikinci təklifi 55.0.2-ci maddə ilə bağlı idi. Bu maddədə deyilir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusunun daşıyıcısı olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir. Bu təklifi müzakirə etdik və belə qərara gəldik ki, məsələni müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliy həll etsin, –  o siyahını Səhiyyə Nazirliyi təsdiq edir, – həmin məsələ məhz normativ akt formasında həllini tapsın.
Adil müəllimin qaldırdığı üçüncü vacib məsələ isə dövlət dilini bilməklə bağlı bizim Miqrasiya Məcəlləsinin  55.0.10-cu maddəsinə etdiyimiz dəyişiklik barədədir. Hörmətli millət vəkilləri, qeyd etmək istəyirəm ki, bu yeni bir təklifdir. Miqrasiya Məcəlləsində deyilir ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə ona Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir.
Mən hesab edirəm ki, qanunvericilik təşəbbüsü subyekti bu məsələdə haqlıdır. Çünki biz bir sıra ölkələrdə müşahidə edirik  ki, daimi yaşamaq hüququ əldə etmiş əcnəbilərin həmin ölkələrin ənənələrini, dilini, mədəniyyətini bilməməsi bəzən sosial-mədəni konfliktlərə gətirib çıxarır. Hesab edirəm ki, belə bir öhdəliyin qoyulması, əksinə, əcnəbilərin Azərbaycan milli-mənəvi dəyərlərinə, mədəniyyətinə yaxınlaşması, burada yaşayarkən hər hansı konflikt və ziddiyyətlərlə üzləşməməsi üçün əhəmiyyətli ola bilər.
Amma eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması ilə bağlı başqa bir maddə də var. Bu maddəyə görə müvafiq icra hakimiyyəti orqanının, yəni Dövlət Miqrasiya Xidmətinin üzərinə belə bir öhdəlik qoyulur ki, daimi yaşayış hüququ əldə edən əcnəbilərə Azərbaycan dövlət dilinin öyrədilməsi ilə bağlı xüsusi kurslar təşkil olunsun.
Düşünürəm ki, bu öhdəliyin icra olunmasında da dövlət tərəfindən köməklik göstərilməsi çox əhəmiyyətlidir. Əminəm ki, Azərbaycanda daimi yaşamaq hüququ əldə edən əcnəbi üçün Azərbaycan dilini bilmək onun həm burada yaşaması, həm də fəaliyyəti üçün əhəmiyyətli ola bilər. Bax, bunlar daha prinsipial, konkret məsələlərdir. 
Eyni zamanda, vurğulamaq istəyirəm ki, müzakirələr zamanı millət vəkilləri tərəfindən bir sıra texniki problemlər də qaldırılmışdı. Bu problemlərin həll edilməsi üçün hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən regional idarələr və onların maddi-texniki təminatı ilə bağlı bir sıra işlər görülür.
Ümumiyyətlə, nəticə bundan ibarətdir ki, miqrasiya məsələlərində, miqrasiya orqanı ilə əcnəbilərin münasibətində daha çox elektron üsullardan istifadə etmək lazımdır. Mən əminəm ki, bütün bunlar öz faydasını verəcəkdir. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bilirsiniz ki, qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmur. Amma bizim həmkarlardan çıxış üçün yazılanlar var. Bilmirəm, sualdır, ya nədir. Sabir müəllim, buyurun.
S.Rüstəmxanlı. Sual deyil, əgər mümkündürsə, sözümü deyim, mümkün deyilsə, çıxışımı burada saxlayıram.
Sədrlik edən. Buyurun.
S.Rüstəmxanlı. Bizim komitə sədri Əli Hüseynli Milli Məclisin ən çalışqan, zəhmətkeş, ağıllı, hüquqlarımızı dəqiq bilən bir nümayəndəsidir. Mənim də ona çox böyük hörmətim var. Qanunları da çox yüksək səviyyədə təqdim edir. Amma təəssüf ki, qanunları çox yüksək səviyyədə təqdim etdiyi kimi millət vəkillərinin burada səsləndirdikləri təklifləri də çox ciddi arqumentlərlə rədd edir. Beləliklə, belə bir təsəvvür yaranır ki, icra hakimiyyəti orqanlarının Milli Məclisə təqdim etdiyi qanun layihələri nə qədər çıxışlar olurolsun, heç bir düzəliş edilmədən qəbul olunacaq. Onda bizim iclaslarımızın nə mənası qalır? Mən bunu soruşmaq istəyirəm.
Əli Hüseynli çox sağ olsun, bu məcəllənin ikinci oxunuşundakı çıxışıma əsasən öz şərhlərini yazıb bu gün mənə verib. Yəni elə vaxtda verib ki, onu oxumaq imkanım olmayıb. Amma imkanım olsaydı belə, mən fikrimi dəyişməzdim. Çünki bugünkü çıxışından münasibəti bəlli oldu.
Bilirsiniz, biz bəzi qanunlarımızı müəyyən qrup adamların və icra hakimiyyəti orqanlarının, yaxud bir nazirliyin və ya komitənin sifarişi ilə   qəbul edirik. Bu qanunlar icra hakimiyyətinin yüksək dairələrində  hazırlanıb Milli Məclisə təqdim edildiyi üçün onlara heç bir əlavə və düzəliş etmək olmur.
Burada dəfələrlə demişik. Biz nəyə görə qonşularımıza uduzuruq? Hətta müharibəni də göz önünə gətirək. Çünki onlarda ciddi milli maraq, milli mövqe var, diaspora yanaşma var, öz soyadına, kökünə, nəslinə hörmətlə yanaşma var. Amma biz burada 20 ildir soyadı dəyişə bilmirik. Buna aidiyyəti olmasa da...
Sədrlik edən. Sabir müəllim, xahiş edirəm, bu qanun layihəsi üzrə danışın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, Siz dediniz ki, mən qanun layihəsi üzrə danışacağam. Amma indi söhbətin axarını başqa səmtə yönəldirsiniz. Xahiş edirəm, yekunlaşdırın.
S.Rüstəmxanlı. 20 ildir biz burada azərbaycanlıların bölünmüş xalq olduğunu və başqa ölkələrdə yaşayan soydaşlarımıza digər əcnəbilərdən bir azca fərqli münasibət göstərməyin vacibliyini,  zəruriliyini deyirik. Ancaq elə bil, daşa-divara dəyib qayıdır üstümüzə və bəlli olmur, gələcəkdə bu millətin taleyi necə olacaq. Milli maraq bu cür qoruna bilməz.
Düzdür, başqa qanunlarda miqrasiya ilə bağlı bəzi təkliflər nəzərə alınıb, amma çox yaxşı olardı ki, bunlar hamısı Miqrasiya Məcəlləsində toplansın. Çünki burada artıq xırda bir qanundan yox, məcəllədən söhbət gedir və miqrasiya ilə məşğul olan adamlar ilk növbədə bu məcəlləyə baxacaqlar. Mən buna etirazımı bildirmək istədim. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Sizin çıxışınızla bağlı iki məqama diqqəti cəlb etmək istəyirəm. Siz deyirsiniz ki, bizim burada dediklərimiz divara dəyib qayıdır. Heç biri divara dəyib qayıtmır. Bu qanun layihəsi Konstitusiya ilə, digər normativ sənədlərlə uyğunlaşdırılır. Bunun məntiqi izahı verilir.
Sabir müəllim, Siz neçə ildir burada deputatsınız, özü də deyirsiniz, icra hakimiyyətində nə yazırlar, göndərirlər bura. Əvvəla, icra hakimiyyəti başqa bir orqan deyil, bizim hakimiyyətin qollarından biridir və biz də icra strukturları ilə çox yaxşı əməkdaşlıq edirik. Cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə qanun layihəsi təqdim olunur,  müzakirə edilir, üç oxunuşdan keçir. Burada qeyri-qanuni nə var ki? Siz ümumi danışırsınız, konkret demirsiniz ki, hansı təklifiniz keçməyib, niyə keçməyib. Sizin çıxışınızda  konkret nəticə yoxdur.
O ki qaldı soydaşlarımızla bağlı dediklərinizə, Sizdə elə təsəvvür yaranmasın ki, ölkədən kənarda yaşayan soydaşlarımızı ancaq Siz düşünürsünüz, burada oturanlar onları düşünmürlər. Sadəcə, dünyanın mizanı, qayda-qanunu var. Sabir müəllim, bu məsələ dədə-baba qaydası ilə, müsəlman qaydası ilə həll olunmur. Beynəlxalq hüququn prinsipləri var, normaları var, biz də beynəlxalq konvensiyalara qoşulmuşuq, ondan kənara çıxa bilmərik axı. Soydaşlarımız mənim üçün də əzizdir, Sizin üçün də əzizdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə lazımdırsa, kifayət qədər edilib, ondan kənara çıxmaq mümkün deyil. Çünki bu artıq beynəlxalq hüququ pozmaq olur. Buyurun, Çingiz müəllim.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən, əslində, danışmaq istəmirdim. Çünki ikinci oxunuşda kifayət qədər  təklif səsləndirilmişdi. Məlumat üçün bildirmək istəyirəm ki, ikinci oxunuşdan sonra hörmətli Əli müəllimin təşəbbüsü ilə mən qaldırılan məsələlərlə bağlı qanunvericilik təşəbbüsünün subyekti ilə müzakirələrdə iştirak etdim. Əli müəllim bunları artıq qeyd etdi. İkinci oxunuşda bizim qaldırdığımız məsələlər, yəni Qaçqınların statusu haqqında BMT-nin 1951-ci il Konvensiyasının, Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında 1954-cü il Konvensiyasının tələblərinə zidd olan məsələlər artıq öz həllini tapdı. Yəni bu, müzakirələr nəticəsində oldu.
Rüsumlarla bağlı məsələ də qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edildi və qeyd olundu ki, bu məsələyə gələcəkdə yenidən baxılacaq.
Bundan başqa, bir neçə məsələ də öz həllini tapdı. Məsələn,  50.0.5-ci maddəyə dəyişiklik edildi. Əvvəllər bu bənd müvafiq icra hakimiyyət orqanının siyahısında olan xəstələrin hamısına şamil  olunurdusa, indi həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı  ilə nikahda olanlar istisna təşkil edir.
Belə hesab edirəm ki, bu, miqrasiya ilə bağlı ilk məcəllədir və  bizim qaldırdığımız məsələlərin müəyyən hissəsi burada nəzərə alınıb, ancaq müəyyən məqamlar da var ki, onlar ayrılıqda hər respublika üçün fərqli qəbul edilə bilməz. Ümumi qanun olduğu üçün hamıya şamil edilməlidir.
Ümumiyyətlə, aparılan müzakirələr çox effektli oldu. Qeyd etmək istəyirəm ki, bu ictimai müzakirələrdə mən də, Sabir müəllim də iştirak etdik. Orada vətəndaşlar, təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən  qaldırılan məsələləri də subyektlə müzakirə zamanı təqdim etmişəm. Bəziləri nəzərə alınıb. Belə hesab edirəm ki, normal məcəllədir və təbii ki, gələcəkdə bizi qane etməyən hallar olduqda bu məsələyə yenidən qayıdacağıq. Məcəllənin qəbul olunmasını məqsədəuyğun hesab edirəm. Sağ olun.
 Sədrlik edən. Sağ olun, Çingiz müəllim. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm. Mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Bu yaxınlarda mənə Rusiya vətəndaşı olan bir soydaşımız müraciət etdi. Yay mövsümünü övladları ilə birlikdə Şabran rayonunun Gəndov kəndində, valideynlərinin yanında  keçirmək istəyən bu soydaşımız məndən soruşdu ki, olarmı, mən burada qalmaq üçün   3 aylıq icazə alım. Mən maraqlandım və dedilər ki, bu mümkün deyil. Yəni soydaşlarımızın  respublikamızda qalmasına 1 aylıq icazə verilir, 1 aydan 1 gün də keçsə, onlar cərimələnirlər. Əli müəllimdən belə bir halın nəzərə alınmasının mümkün olub-olmadığını soruşmaq istəyirəm. Yən Rusiya vətəndaşı olan soydaşlarımıza mövsümi icazə verilə bilərmi ki, onlar 3 aylıq öz kəndlərinə, obalarına gəlib, yay mövsümünü burada keçirib, yenidən yaşadıqları dövlətə qayıtsınlar? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən ilk növbədə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məcəllənin qüvvəyə minməsi tarixi ilkin variantda iyun ayının 1-i idi, sonra biz təklif etdik, iyul ayının 1-i olsun. Ancaq qanunvericilik təşəbbüsü subyekti tərəfindən təklif olunur ki, bu tarix iyul ayının 15-nə keçirilsin. Çünki faktiki olaraq məcəllənin həyata keçirilməsi ilə bağlı cənab Prezidentin fərmanı olmalı və müvafiq  tapşırıqlar verilməlidir. Ona görə məcəllənin qüvvəyə minməsi tarixi iyul ayının 15-nə keçirildi.
Eyni zamanda, İlham Əliyevin qaldırdığı məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Mən başa düşürəm ki, biz azərbaycanlılar vətənpərvərik, başqa xalqlardan fərqli olaraq torpağa, vətənə,  soydaşlarımıza daha çox bağlıyıq. Amma Miqrasiya Məcəlləsində   soydaşlarımızla bağlı istisnalar mümkün deyil. Əcnəbilər üçün müəyyənləşdirilmiş müddət milliyyətcə azərbaycanlı olanlar üçün də, olmayanlar üçün də eynidir. Biz burada ancaq Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi anlayışından istifadə etmişik. Burada hüquqi baxımdan başqa heç bir çıxış yolu yoxdur. Ziyafət müəllim, Siz bunu məndən də yaxşı bilirsiniz. Hər hansı istisnalar qanunun aliliyi prinsipindən kənara çıxmaq deməkdir. Bu, mümkün deyil. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydındır. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 13.08 dəq.)
 Lehinə  92
 Əleyhinə  2
 Bitərəf  2
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ. Azərbaycan Respublikasının Miqrasiya  Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Mən səsə qoymamışdan əvvəl, Əli müəllim, dəqiqləşdirmək istəyirəm, Siz bu məsələni, yəni Miqrasiya Məcəlləsinin qüvvəyə minmə tarixini qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırmısınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.09 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Buyurun,  Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, icazə versəniz,  3-cü və 4-cü məsələləri birgə məruzə edərdim. Çünki həm İnzibati Xətalar Məcəlləsində, həm də Cəzaların İcrası Məcəlləsində dəyişiklik məhz Miqrasiya Məcəlləsi ilə bağlıdır. Bildiyiniz kimi, biz Miqrasiya Məcəlləsində bir sıra məsələləri, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma, inzibati qaydada tutma, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası ilə bağlı müddəaları qeyd etmişdik. İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişikliklər məhz onun artıq səs verdiyimiz Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.
Eyni zamanda, Cəzaların İcrası Məcəlləsi də Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydasını müəyyənləşdirir. Amma yeni Miqrasiya Məcəlləsinin bir sıra yeni müddəaları mövcuddur. Məhz bu baxımdan Cəzaların İcrası Məcəlləsinin 166-cı və 174-cü maddələrinə edilən əlavələr onun səs verdiyimiz Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli millət vəkilləri, mən diqqətinizi 29.3-cü maddəyə yönəltmək istəyirəm. Burada qeyd olunur ki, qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyas sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarmaq tətbiq edilmir. Burada məni, sadəcə olaraq, narahat edən məsələ ondan ibarətdir ki, uşaqlar dedikdə, adətən, 14 yaşında  şəxslər nəzərdə tutulur. Tutaq ki, 14 yaş yarımdırsa və ya 15 yaşdırsa, biz belə şəxslər çıxarmalıyıqmı? 16 yaşından əmək hüququ verilir. Ona görə ən azından burada qeyd oluna bilər ki, 16 yaşına qədər olan şəxslər. 
Bir də, 398.1.6-cı maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından yayındıqda onların barəsində tutulma tətbiq oluna bilər.  Mən hesab edirəm ki, burada yalnız “olma qaydaları pozulduqda” Azərbaycan Respublikasında belə olmamalıdırlar.
Tutaq ki, kimsə Azərbaycanda olma qaydalarını pozur. Mən düşünürəm ki, o şəxs müvafiq orqan tərəfindən dəvət olunubsa, ona konkret təklif olunur ki, ölkə ərazisini tərk etməlisən. O şəxs ölkə ərazisini tərk edirsə, onun barəsində tutma tətbiq etməyə ehtiyac yoxdur. Burada qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının qərarını icra etmədikdə. Mən hesab edirəm ki, bu halda onu tutmaq olar. Ona görə Əli müəllim, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qoyulan qaydaları pozurlarsa, dərhal onları tutmaq, hesab edirəm ki, bir az humanizm baxımından da düzgün deyil. Ola bilər, onun başı qarışıb, yaxud bilməyib ki,  qaydaları pozur. Belə hallar ola bilir. Onda şəxs dəvət olunur və ona deyilir ki, sən qaydaları pozmusan, ölkədən çıxmalısan. Əgər o, dediyim kimi, qərarı pozursa, o halda onun barəsində tutma tətbiq oluna bilər.
Cəzaların İcrası Məcəlləsinin 174.2-ci maddəsində qeyd olunur ki, məhkum edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzanı icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Şəxs müəyyən olunmuş cəzanı çəkibsə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad olunubsa, o hallarda müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Amma bəraətverici əsaslarla şəxs cəzadan azad olunursa, o halda bunu cəzadan azad olunan bütün şəxslərə  şamil etmək düzgün deyil. Bura əlavə olunmalıdır ki, bəraət aldıqları hallar istisna olmaqla. Yəni şəxs bəraət alırsa və o, Azərbaycanda olma qaydalarını pozursa,  müvafiq icra hakimiyyəti orqanı onun barəsində müvafiq tədbir görə bilər. Amma bəraətverici əsaslarla azadlıqdan azad  olunubsa, o halda, sözsüz ki, o qayda onlara şamil olunmamalıdır. Hesab edirəm ki, “bəraət aldıqları hallar istisna olmaqla” sözləri bura daxil edilməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, mən də o iki məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. 29.3-cü maddədə yazılıb ki, “habelə  insan alverinin qurbanı olan uşaqlar barəsində”. Mənə elə gəlir ki, “Uşaq hüquqları haqqında” Konvensiyada və “Uşaqların hüquqları haqqında” Qanunda uşağın konkret yaşı göstərilib. Gərək ki, burada problem olmasın.
Siz 174.2-ci maddə ilə bağlı danışdınız. Amma Sizin sualınızın cavabı nöqtədən sonra var: ...“Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisindən kənarlaşdırılması məsələsin həll edir”. Hətta dediyiniz kimi, bəraətverici əsaslar olsa belə, artıq müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək ki, qala bilər, ya bilməz. O cavab burada var, Qüdrət müəllim.  Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.16 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz. 

Səsvermənin nəticələri  (saat 13.17 dəq.)
 Lehinə  92
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Üçüncü oxunuşdur. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra millət vəkilləri tərəfindən qeyd edilmiş irad və təkliflərin hər birinə ayrılıqda baxılmışdır. Ötən müddət ərzində Milli Məclisin İqtisadi siyasət komitəsi və Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən qanun layihəsinin üzərində iş aparılmışdır. Millət vəkillərinin çıxışlarındakı irad və təklifləri nəzərə alınaraq qanun layihəsinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına, metrologiya sahəsində beynəlxalq təşkilatların sənədlərinə uyğunlaşdırılması baxımından ayrı-ayrı maddələrdə düzəlişlər edilmiş, bəzi maddələr isə ümumiyyətlə, layihədən çıxarılmışdır.
Qanun layihəsinin 1-ci maddəsi – “Əsas anlayışlar” yeni redaksiyada verilmişdir. 2-ci maddədən  – “Qanunun məqsədi və tətbiqi dairəsi”ndən poçt rabitəsi və telekommunikasiya xidmətləri göstərilməsi sahəsi çıxarılmışdır.
5.2-ci maddə yeni redaksiyada verilmişdir: “...ölçmə metodikalarının (metodlarının) attestasiyası həmin ölçmə vasitələrinin tipinin təsdiqi prosesində onların məcburi metroloji tələblərə uyğunluğunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Digər hallarda ölçmə metodikalarının (metodlarının) metroloji tələblərə uyğunluğu onların attestasiyası yolu ilə təsdiq edilir”.  5.3-cü maddə də yeni redaksiyada verilmişdir.
6.1-ci maddə aşağıdakı məzmunda yeni redaksiyada verilmişdir: “Azərbaycan Respublikasında Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri tətbiq edilir. Beynəlxalq vahidlər sisteminin vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yol verilir”.
11-ci maddə çox qısa bir şəkildə yeni redaksiyada verilmişdir.
14.3-cü maddə  layihədən çıxarılmışdır. Adı çox böyükdür, oxumaq,  vaxtınızı almaq istəmirəm. “Beynəlxalq əməkdaşlıq və məsuliyyət” adlı 19-cu maddə də layihədən çıxarılmışdır.
Mən bir daha bildirmək istəyirəm ki, millət vəkillərinin verdiyi təkliflər qanun layihəsinin redaktə baxımından təkmilləşməsinə səbəb olmuşdur. Bir sıra prinsipial məsələlərdə komitə tərəfindən irəli sürülən məsələlərin həyatda yoxlanılması təmin edilmiş, Prezident Administrasiyası ilə müvafiq danışıqlar aparılmışdır. Bütün bu düzəlişlər imkan verəcək ki, bu qanunun qəbulu ilə Azərbaycanda standartlaşma sahəsində aparılan  işlərin səviyyəsi xeyli yüksəlsin. Mən millət vəkillərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Həqiqətən də, bu gün qloballaşan dünyada, innovasiyalı texnologiyaların, innovasiyalı iqtisadiyyatın düz qurulması istiqamətində böyük işlərin görüldüyü bir şəraitdə belə bir qanuna ehtiyac var. Millət vəkillərindən qanun layihəsinin lehinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən varmı? Yoxdur. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlumat üçün bildirim ki, Gömrük tarifi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyinin və müvafiq strukturların iştirakı ilə ətraflı müzakirə edilmiş və birmənalı şəkildə vurğulanmışdır ki, qanun layihəsi müvafiq tələblərə cavab verir. Bu layihənin qəbulu Azərbaycanda gömrük xidmətinin daha da yaxşılaşdırılmasına, ölkənin iqtisadi təhlükəsizliyinin, daxili bazarın qorunmasına, xarici iqtisadi əlaqələrin təkmilləşməsinə imkan verəcəkdir.   
Qanun layihəsinin 9, 13, 14, 16, 17, 18, 20-ci maddələrində millət vəkillərinin təklifləri nəzərə alınmaqla redaktə xarakterli və bir neçə prinsipial düzəlişlər edilmişdir. Dünən hörmətli cənab Sədrin yanında  hörmətli Valeh müəllim düzgün olaraq bir neçə qanun layihəsinin dili,  ümumiyyətlə, dilimizin daha dolğun şəkildə nəzərə alınması ilə əlaqədar  bir sıra təkliflər verdi. Biz dünən bir daha bu qanun layihəsini ekspertiza etdik. Müəyyən düzəlişlərə ehtiyac var, bunu da edəcəyik. Amma bütövlükdə qanun layihəsinin Azərbaycan iqtisadiyyatının, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin təkmilləşməsi üçün vacibliyini nəzərə alaraq millət vəkillərindən buna müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Mən artıq qeyd etdim,  qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Müzakirəyə keçməzdən əvvəl biz onu əsas kimi qəbul etməliyik. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.24 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Qanun layihəsi 5 fəsildən, 23 maddədən ibarətdir. Xahiş edirəm, I və II fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.25 dəq.)
 Lehinə  101
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Xahiş edirəm, III, IV, V fəsillərə  münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.25 dəq.)
 Lehinə  106
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  107
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, qanun layihəsinə bütövlükdə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.26 dəq.)
 Lehinə  104
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, qanun layihəsinin ikinci oxunuşunda çıxış etmək istəyən olmadı. Bu onu deməyə əsas verir ki, qanun layihəsi üçüncü oxunuşa da hazırdır. Üçüncü oxunuşda səs verməzdən əvvəl Valeh müəllim söz istəyir, onu dinləyək. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Ziyafət müəllim, mətnə aid önəmli bir şey deməyəcəyəm, ancaq məni hər dəfə narahat edən bir məsələ var. İndi Ziyad müəllim  çıxışında bunları qeyd etdi. Dünən dediyim fikirləri nəzərə alacaqlar, ancaq mənim iradlarım təkcə “məxfi” və “konfendensial” sözləri ilə bitmir.
Misal üçün, bu mətndə “kommersiya” sözünü işlədirik. “Kommersiya” sözü bəlkə də gözəl səslənir, amma bunun təməlində latın sözü durur. O latın sözünün də mənası “ticarət” deməkdir. Ticari əlaqələr, ticari münasibətlər və sair. Ticarət yalnız alğı-satqı deyil, o həm tədarük etməkdir, həm nəqliyyatdır, həm də maliyyələşdirmədir və sair. “Ticarət” sözünü işlədə biləcəyimiz yerdə niyə “kommersiya” sözünü işlədirik?
Ya da götürək “kompensasiya” sözünü. Birincisi, kompensasiya bizim dilimizin qaydalarına uyğun deyil. Buna bənzəyən hansı Azərbaycan sözü var ki? Kompensasiya, elektrofikasiya. Latın dilində kompensasiya “əvəzini ödəmək” deməkdir. “Əvəzini ödəmək” ifadəsi dilimizdə varsa,  latın dilindən ingilis, fransız dillərinə, oradan rus dilinə, sonra da bizim dilə keçən sözdən niyə istifadə edirik? Mən bunları dəfələrlə deyirəm, amma yenə də istifadə edirik. Bunu da mən başa düşə bilmirəm.
Mən “advalord” anlayışının əleyhinə deyiləm. Çünki bu, beynəlxalq səviyyədə, hüquqi, ticari sənədlərdə qəbul edilmiş bir anlayışdır. “Antidempinq”in əleyhinə deyiləm, çünki qəbul edilmiş bu terminlərin bizim dildə əvəzini tapmaq mümkün deyil. Bir və ya iki sözlə bunu əvəz etmək mümkün deyil. Dilimizə gəlmiş sözlərdir və dilimizin qaydalarına uyğun olaraq işlədə bilərik.
Ya da götürək “minimal gömrük dəyəri” ifadəsini. Latın dilində minimum “ən az”, “ən aşağı”, medium “orta”, maksimum “ən çox”, “ən yüksək” deməkdir. Biz bunları Azərbaycan dilində işlətsək, yəni “ən aşağı”, “ən az”, “ən gödək” desək, dünya dağılarmı? Niyə öz dilimizdəki sözlərdən istifadə etməyək?
19-cu maddədə yazılıb: “tarif güzəştləri və preferensiyaları”. “Preferensiya” nə deməkdir? İngilis dilini əla bilən insandan soruşuram ki,  buna “güzəşt və imtiyaz” demək olarmı? Deyir, bəli. Latın dilində də “preferensiya” “güzəşt və imtiyaz” deməkdir. “Güzəştlər və preferensiyalar” daha ədəbi, daha elmi səslənir ki, bu sözlərdən istifadə edirik? Mən bunları başa düşə bilmirəm. Bununla əlaqədar deyiləsi sözlər çoxdur, amma xahiş edirəm, bunları nəzərə alın, qeyd edin. Əgər bu qanun layihəsini hazırlayan insan Azərbaycan dilini mükəmməl bilmirsə, yanında Azərbaycan dilini və başqa dilləri bilən adamı oturdaq, izah etsin, açıqlamasını versin. Bu, Azərbaycan Respublikasının qanunudur. Bədii,  elmi əsər deyil. Üzr istəyirəm, bir az vaxtınızı aldım. Çox sağ olun.  
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Ziyad müəllim, buyurun, məsələlərə münasibət bildirin.
Z.Səmədzadə. Mən hörmətli Valeh müəllimlə tamamilə razıyam. Biz dünən 3–4 saat ancaq bu terminlərin, anlayışların mahiyyətini açıqlamaqla məşğul olmuşuq. Hesab edirəm ki, bir sıra məsələlərdə, o cümlədən “kommersiya”, “kompensasiya”, “minimal” sözləri ilə bağlı fikir eyniliyi var. Mənə elə gəlir ki, biz bu düzəlişləri edə bilərik.
Ümumiyyətlə, mən belə hesab edirəm ki, Valeh müəllimin qaldırdığı məsələ tamamilə doğrudur. Biz gərək çalışaq ki, imkan daxilində xarici sözlər az işlədilsin. Dilimiz çox zəngindir, hər halda qarşılığını tapmaq olar. Mənim etirazım yoxdur. Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov buradadır. Biz dünən onunla dəfələrlə fikir mübadiləsi etdik. Mənə elə gəlir ki, biz bir konsensusa gələcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Mən də bu məsələdə Valeh müəllimi dəstəkləyirəm. Hörmətli deputatlar, bu, bütün komitə sədrlərinə  və komitə üzvlərinə aiddir. Bu, sadəcə, bir-iki əcnəbi sözün Azərbaycan dilinə keçməsi məsələsi deyil. Bu, dövlətin əsaslarını təşkil edən Azərbaycan dilinin təhlükəsizliyi məsələsidir. Mən xahiş edirəm, buna ciddi yanaşaq. Biz bəzən elə fikirləşirik ki, əşi, bu sözü demək olar. Söhbət Azərbaycan dilinin qorunmasından, onun təhlükəsizliyindən gedir. Yoxsa “nə var ki,  beynəlxalq sözdür” deməklə iş bitmir. Hər beynəlxalq termini qəbul etsək, onda bu Azərbaycan dilindəki sözlər nəyə lazımdır? Çox xahiş edirəm, bu məsələyə ciddi yanaşaq. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.33 dəq.)
 Lehinə  105
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev, buyurun.
A.Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, dəyərli mətbuat təmsilçiləri! Mən çalışacağam, layihəni ikinci oxunuş üçün çox qısa şəkildə təqdim edəm. Bilirsiniz ki, layihə ilə bağlı çoxlu sayda komitə iclasları olub və ictimai dinləmələr keçirilibdir. Eyni zamanda, beynəlxalq təşkilatların iştirakı ilə ayrıca bir məsləhətləşmə sessiyası da təşkil olunubdur. Nəticə etibarilə xeyli maraqlı təkliflər əldə etmişik və demək olar ki, bunların böyük əksəriyyətini də nəzərə almışıq.
Deməliyəm ki, ikinci oxunuş üçün təqdim olunan layihə kifayət qədər təkmildir. Həm beynəlxalq təcrübənin, həm də yerli reallığın nəzərə alınması baxımından birinci oxunuşdan kifayət qədər fərqlənir. Ona görə də, icazənizlə, mən birbaşa əsas yeniliklərə keçərdim.
Ümumiyyətlə, layihədə çoxlu sayda texniki dəyişikliklər olub, dəqiqləşmələr, konkretləşmələr aparılıbdır. Amma mən bunun hamısını  təqdim edib vaxtınızı almaq istəməzdim. Bir neçə mühüm məsələni diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə onu deyim ki, “Əsas anlayışlar” maddəsində “vətəndaş cəmiyyəti” termin olaraq bu qanunda öz əksini tapıbdır. Hesab edirəm, artıq bu, həyata vəsiqə almış bir termindir.
İkinci yeni dəyişiklik 2.0.8-ci maddədədir. Həmin dəyişikliyə əsasən yazılı məsləhətləşmə ictimai iştirakçılığın əsas forması kimi qəbul edilir. Bu yenidir və düşünürəm ki, qanunun daha da təkmil olmasına öz töhfəsini verəcəkdir. Bundan başqa, qanunun “İctimai iştirakçılığın prinsipləri” maddəsinə 5.0.4-cü maddə – “Siyasi plüralizm” əlavə olunur. Eyni zamanda, prinsiplərə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi daxildir.
Biz belə qərara gəldik ki, 7.2-ci maddəyə “bir şəxs yalnız bir ictimai şuranın üzvü ola bilər” müddəasını əlavə edək. Çünki təcrübədə bilirsiniz ki, bəzən bir şəxs bir neçə ictimai şurada təmsil olunur. Bu həm ixtisaslaşma, həm də işin məhsuldarlığı və keyfiyyəti baxımından o qədər də məqbul sayılmır. Ona görə də biz belə bir məhdudiyyət təklif etmişik.
7.8-ci maddədən “maliyyələşdirilmə” sözü çıxarılıb. Birinci oxunuşda hörmətli Valeh Ələsgərov da bununla bağlı öz iradını bildirmişdi. Biz də hesab edirik ki, bu qanunla xüsusi olaraq maliyyələşdirmə məsələsini təsbit etməyə ehtiyac yoxdur, çünki istənilən halda müvafiq qurum ictimai şuranın fəaliyyətini təmin edə biləcəkdir. Bunun üçün ayrıca bir bəndlə maliyyənin ayrılmasına gərək yoxdur. Biz bu fikri daha da möhkəmləndirmək üçün bir bənd əlavə etdik. 7.9-cu  maddəyə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, ümumiyyətlə, müvafiq qurumlar ictimai şuranın fəaliyyətinə sərbəst şərait yaratmalıdırlar.
Daha sonra, biz hüquqlar bölməsində “hüquqları” “səlahiyyətlərlə” əvəz etdik. Bizim hörmətli həmkarımız İlyas İsmayılov hüquq və vəzifələrin ayrıca qeyd olunmasını təklif edir. Bu barədə, yəqin ki, çıxışında da qeyd edəcək. Amma hələlik biz bunu bir maddədə verməyi qərara aldıq.
Daha sonra, dediyim kimi, bir sıra dəqiqləşdirici əlavələr edilibdir və mən bunların üzərində çox dayanmaq istəmirəm, amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, ictimai müzakirə və ictimai dinləmələrə aid olan maddələr birinci oxunuşda ayrı-ayrı verilmişdi. İndi biz bunların hamısını birləşdirmişik və beləliklə, 13, 14, 15, 16-cı maddələr ümumiləşdirilərək ictimai müzakirələrə və ictimai dinləmələrə aid olan normaları özündə əks etdirir. Hesab edirəm, qanunun daha anlaşıqlı olması və icrasında problemlərin olmaması baxımından məqbul variant hesab oluna bilər. Deməli, biz 16 və 19-cu maddələri qanun layihəsindən çıxarmışıq, çünki burada reqlamentdən, digər texniki məsələlərdən söhbət açıldı və biz bunu əsasnamədə də qeyd edə bilərik.
Xüsusi təqdim etmək istədiyim məsələlərdən biri odur ki, artıq biz  bu qanunun tələbləri əsasında vahid əsasnamə qəbul etməyi düşünürük. Əgər ayrı-ayrı qurumlar öz səlahiyyətləri çərçivəsində müvafiq əsasnamə qəbul edəcəkdilərsə, indi vahid nümunəvi əsasnamə qəbul olunması təklif edilir.
Digər yeniliklərdən biri də ondan ibarətdir ki, biz layihəyə iki fəsil – IV və V fəsilləri əlavə etmişik. IV fəslin 17–18-ci maddələrində qeyd etdiyimiz kimi, yazılı məsləhətləşmələrlə bağlı olan fəaliyyət tam şəkildə  əks olunubdur. Bir növ fəaliyyətin mexanizmləri təklif olunur. Yazılı məsləhətləşmələr üçün ən azı 7 iş günü nəzərdə tutulur və hər bir müvafiq qurum qəbul edəcəyi normativ hüquqi və normativ xarakterli aktların layihələrini öz internet səhifələrində yerləşdirməlidir. Əlbəttə, burada söhbət ictimaiyyət üçün açıq olan sənədlərdən gedir.
Nəhayət, V fəsil Milli Məclisə aiddir. Biz hesab edirik ki, Milli Məclis bu prosesdə ən aktiv iştirak edən dövlət qurumudur. Bilirsiniz ki, Milli Məclis əvvəlcədən öz internet səhifələrində qanun layihələrin yerləşdirir, kifayət qədər ictimai dinləmələr keçirir. Belə olan təqdirdə niyə  bu, qanunda öz əksini tapmasın və Milli Məclisin yeri və rolu qeyd olunmasın? Ona görə də biz qanun layihələrinə dair ictimai dinləmələr və yazılı məsləhətləşmələrin təşkili üçün ayrıca bir fəsil təklif edirik. Bu fəslin 19-cu maddəsi bütün bu məsələləri tənzimləyir.
Yeniliklərlə bağlı məlumatlar təxminən bu qədərdir. Düşünürəm ki, bu qanunun qəbulu ilə biz, doğrudan da, ictimai iştirakçılıqla bağlı yeni bir mərhələnin əsasını qoymuş olacağıq. Bu nöqteyi-nəzərdən mən həmkarlarımı bu qanun layihəsinə dəstək verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Azay müəllim, sağ olun, təşəkkür edirəm. Bir məsələni dəqiqləşdirim. Siz axırıncı fəslin V olduğunu dediniz, amma qanun layihəsi altı fəsildən ibarətdir.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Hə, tamam, aydındır. Biz qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl ikinci oxunuşun tələblərinə uyğun olaraq onu əsas kimi qəbul etməliyik. Buyurun, xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən bu qanunun birinci oxunuşunda da söyləmişdim və bu gün də deyirəm ki, əminəm, Azay müəllim bu qanun layihəsini xoş niyyətlə, cəmiyyətdə müəyyən proseslərə müsbət töhfə vermək məqsədi ilə hazırlayıb, təqdim edib. Amma ona da tam əminəm ki, bu xoş niyyətlə görülən iş, əslində, bu   ictimai iştirakçılıq ideyasını tamamilə öldürür.
Əvvəla, 1-ci maddədən başlayaq. Burada qeyd olunur ki, bu qanunun məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. Əvvəla, qeyd edim ki, dövlətin idarə olunması anlayışı ondan ibarətdir ki, dövlət başçısı, dövlət orqanları bu və ya digər funksiyaları yerinə yetirirlər. Dövləti təmsil edirlər, qanun qəbul edirlər,  qanunların tətbiqi ilə məşğul olurlar. Yəni bu, “ictimai iştirakçılıq” ifadəsindən də görünür. Əgər bu, ictimaidirsə, dövlətin idarə olunmasından, ümumiyyətlə, söhbət gedə bilməz. 1-ci maddədə qeyd olunmalıdır ki, bu qanunun məqsədi qanunların icra olunmasına ictimai nəzarətin təmin olunmasıdır. Qısa və konkret.
İkincisi, biz burada bürokratik bir orqan yaradırıq. Mən keçən dəfə də söyləmişdim, məsələn, 4-cü maddə “İctimai iştirakçılığın məqsədləri” adlanır. Burada yazırıq ki, “dövlət siyasətinin formalaşması”. İctimai iştirakçılıq dövlət siyasətini müəyyənləşdirə bilməz. Mən keçən dəfə də dedim, siyasi partiyalar öz siyasi platformalarını hazırlayırlar, xalq da həmin siyasi platformaya səs verir və hakimiyyətə gəlmiş partiya da həmin platformaya uyğun olaraq dövlətin siyasətini müəyyənləşdirir. İctimai iştirakçılıq dövlət siyasətini formalaşdıra bilməz. Bunu keçən dəfə də deməyimə baxmayaraq, çox təəssüf ki, yenə burada saxlanılıb.
Sonra, II fəslə keçək. 7-ci maddə “İctimai şuranın səlahiyyət müddəti və seçilməsi qaydası” adlanır. Adı “İctimai şuralar”dır, amma burada qeyd olunmur ki, onlar harada, kimin yanında yaradılır? Düzdür, qanunun mətnindən oxuyanda məlum olur, amma 7.1-ci maddədə birinci növbədə qeyd olunmalıdır ki, ictimai şuralar Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti orqanlarının başçılarının yanında yaradılır. İctimai şuraları bələdiyyələr kimi hər yaşayış məntəqəsində yaratsaq, onları nə günə qoymuşuqsa, bu da elə olacaq. Ona görə bu, yalnız minimum 20 mindən çox sakinin yaşadığı ərazidə olmalıdır.
Sonra, 8-ci maddədə qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatlar alır və sair və ilaxir. Birinci oxunuşda da söyləmişdik, bələdiyyələr kollegial orqandır. Yəni Milli Məclisin yanında ictimai şura yaradıla bilməz. İctimai şura nədir? Xalqın ayrı-ayrı nümayəndələrinin ictimai nəzarətlə bağlı öz fikirlərini söyləməsi, təkliflərini verməsi və sairdir. Milli Məclis, yerli özünüidarəetmə orqanları  kollegial orqanlardır. Yəni bələdiyyə üzvləri seçilirlər. Bu seçilən orqanın yanına kənardan bir dənə QHT bir adam göndərir ki, gəlim, yanında durum. Burada, sadəcə, məntiq yoxdur. Bəzi ölkələrdə merlər birbaşa seçilir, orada ola bilər. Amma Azərbaycan reallığında yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları sayılmırlar. Belə olduğu halda, onun yanında hansı ictimai nəzarətdən söhbət gedə bilər?
9-cu maddədə qeyd olunur ki, ictimai şuranın iclasları ildə 4 dəfədən az olmayaraq keçirilir. Azərbaycan Respublikasının Prezidenti ildə 4 dəfə Nazirlər Kabinetinin iclasını keçirir. Ona görə hesab edirəm ki, ictimai şuralar Prezidentin yanında yaradıla bilər və Prezident yanında ildə 4 dəfə iclas keçirilə bilər. Amma mərkəzi icra hakimiyyəti orqanlarının başçılarının yanında iki ayda bir dəfə keçirilməlidir. Yerli icra hakimiyyəti başçılarının yanında isə (onlar birbaşa təmasda olurlar) ayda bir dəfə keçirilməlidir.
Sonra, biz bir təklif verdik ki, Prezidentin, mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanları başçılarının ictimai şuranın iclasında iştirakı vacibdir. Amma bu da layihədə qeyd olunmayıb. Buradan da belə çıxır ki, onlar ictimai şuranın iclaslarına qatılmaya bilərlər. Burada sədr seçilir, katib seçilir, reqlament müəyyənləşdirilir. Hətta mən sizə deyim ki, 11-ci maddədə ictimai şuranın reqlamenti, daimi və müvəqqəti işçi orqanları, komitələr, komissiyalar, ekspert qrupları, işçi qrupları qeyd olunub. Heç Milli Məclis bunları yarada bilmir. Bilirsiniz, bu nədir? Burada yeni bir bürokratik aparatın yaradılmasından söhbət gedir. Bu belə olmamalıdır.
Bu məsələyə yanaşma mənim qənaətimə görə düzgün deyil. Bürokratik aparat olmamalıdır. Sadəcə olaraq, bu qurumlara birbaşa nazirlər sədrlik eləməlidir. İki aydan bir insanlar toplaşmalıdır, təkliflərini söyləməlidirlər. Nəzarət məsələsi qanunların icrası ilə bağlı nazirlərin məlumatlandırılması funksiyasını daşımalıdır. İndiki halda isə, sadəcə olaraq, əlavə bir bürokratik orqan yaradılır. Bu bürokratik orqanın da işi, sadəcə, nazirliyin işinə maneə yaradacaq. Nazirlər məcbur olacaqlar ki, yeni vəzifəli şəxslərlə təmaslar qursunlar, əməkdaşlıq etsinlər və sair. Amma şuranın özü əhəmiyyətsiz bir quruma çevriləcək. Diqqətinizə görə çox sağ olun. Sadaladığım məsələlərə diqqət yetirilsə, yaxşı olar. 
Sədrlik edən.   Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. İctimai iştirakçılıq haqqında qanun layihəsi İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında ik dəfə müzakirə olundu. Bir dəfə də layihə ictimai müzakirədən keçdi. Mən bütün müzakirələrdə iştirak etdim və öz iradlarımı bildirdim. Demək olar ki, iradlarımın əksəriyyəti nəzərə alındı, amma iki iradıma heç bir əhəmiyyət verilmədi. Bugünkü iclasda da həmin iradları diqqətinizə çatdırmaq istəyirəm.
Birincisi, layihənin əvvəlki variantında ictimai şuranın hüquqları ayrıca maddədə göstərilirdi, lakin vəzifələri haqqında heç bir bənd yox idi. Bu isə düzgün sayıla bilməz, çünki cəmiyyətdə mövcud olan ictimai münasibətlər hüquq normalarını nizama saldıqda hüquq münasibətlərinə, bu münasibətlərin iştirakçıları isə hüququn subyektlərinə çevrilirlər, başqa sözlə, hüquq və vəzifələr əldə edirlər. Deməli, hüquq münasibətləri həmişə ikitərəfli əlaqədir, çünki hüquq normasının özü həmişə kiməsə müəyyən səlahiyyət verir, kimisə nəyisə etməyə məcbur edir. Beləliklə, hüquq münasibətlərinin iştirakçılarının hər biri eyni vaxtda müəyyən hüquqlar əldə edir və həm də vəzifə daşımağa borclu olurlar. Layihənin əvvəl müzakirə olunan variantlarında artıq qeyd olunduğu kimi, ictimai şuranın hüquqları əks etdirilirdi, vəzifələri isə göstərilmirdi. Bu xarakterdə isə hüquq münasibətləri ola bilməz.
Mənim iradımdan sonra “hüquqları” sözünü “səlahiyyətləri” sözü ilə əvəz etdilər və bu da layihənin 8-ci maddəsində öz əksini tapıb. Bu isə zənnimcə, vəziyyətdən düzgün çıxış yolu deyil. Əvvəla, “hüquq” və “səlahiyyət” sözləri sinonimdirlər. Digər tərəfdən,  səlahiyyətdən söz gedən 8-ci maddənin 4-cü bəndində ictimai şuranın vəzifəsi qeyd olunur ki, bu da səlahiyyətə aid deyildir. Sözümün sonu budur ki, layihədə  ictimai şuranın vəzifələrini əks etdirən xüsusi maddə olmalıdır.
İkinci iradım isə “Əsas anlayışlar” maddəsində əks olunan “ictimai müzakirə” və “ictimai dinləmə” anlayışları ilə bağlıdır. Hər iki anlayış yığıncaq kimi təsvir olunur. Lakin fərq ondadır ki, “ictimai müzakirədə” ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində, əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması, “ictimai dinləmədə” isə cəmiyyətin həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün (hər iki halda) mərkəzi və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, vətəndaşların və ayrı-ayrı sosial qurumların təmsilçilərinin, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq kimi verilir. Bunu da düzgün hesab etmək olmaz. Bu iki anlayış birləşdirilməli, “ictimai müzakirə” anlayışı saxlanmalı, layihənin 2, 14, 15, 16-cı maddələrindən “ictimai dinləmə”  anlayışı çıxarılmalıdır. Bu qədər, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Muxtar Babayev.
M.Babayev. Hörmətli Ziyafət müəllim, birinci oxunuşdan sonra  göndərdiyimiz bəzi təkliflər nəzərə alınıb. İstəyirdim, bir məsələni nəzərinizə çatdırım. Deyəcəyim məsələ 7.1-ci maddədə ictimai şura üzvlərinin mümkün sayının 5–15 kimi göstərilməsi barədədir. Hazırkı redaktədə verilən layihədən belə nəticəyə gəlmək olar ki, üzv sayı 15-dən çox olmamalıdır. Bu isə üzv sayının 6-8-10-12-14 kimi cüt sayda olmasına şərait yaradır. Qərar qəbul edilən zaman bərabər say yaranması və qərarın qəbul edilə bilməməsi halının aradan qaldırılması üçün istənilən kollegial orqanın tək sayda təşkil olunmasını zəruri hesab edirəm.  Bu səbəbdən bir daha layihənin üzv sayının tək sayda olmaq şərti ilə 5–15 formada tənzimlənməsini təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu, bəlkə də mənim çox ürəkdən səs verəcəyim və müzakirəsində iştirak edəcəyim bir qanun layihəsidir. Ona görə ki, Azərbaycanda bəzi ənənələrin sındırılmasına xidmət elədi, ən azı, bunun müzakirə proseduru olduqca hərtərəfli və səmərəli keçirildi. Mən sizə söyləyim ki, qanun layihəsi ikinci oxunuşa  çıxarılmazdan öncə qeyri-hökumət təşkilatları və millət vəkillərinin iştirakı ilə bir neçə dəfə müzakirə olunub. Orada  təkliflərimizi vermişik, onlardan nəzərə alınanı da olub, alınmayanı da.  Amma, ümumiyyətlə, bu prinsipin tətbiq olunması sevindiricidir. Nəhayət ki,  üç-dörd istisna qanun cəmiyyətin iştirakı ilə müzakirə olunur, sonra Milli Məclisə gəlir və o rəylər nəzərə alınır. Bu müsbət tendensiyanı, məncə, başqa qanunlara da tətbiq eləmək lazımdır. Xüsusilə büdcə layihəsində, başqa məsələlərdə bunun tətbiqini görmürük. Onların birbaşa Milli Məclisə çıxarılması, məncə, düzgün deyil, ictimaiyyət burada iştirak eləməlidir.
Layihə ilə bağlı komitədə də, ictimai dinləmələrdə də xeyli təklif vermişik. Mən hesab edirəm ki, onların müəyyən bir qismi nəzərə alınıb və qanun da normal hazırlanıb. Amma bir şeyi etiraf eləyək ki, bu, işləyən qanunlar kateqoriyasına girməyəcək. Səmimi deyək ki, bizdə “Gender bərabərliyi haqqında” belə bir qanun var. Guya dövlət həyatında vətəndaşın iştirak eləməsini imitasiya eləyən bir qanun kimi ən azı istinad eləmək üçün imkan yaradacaq.
Sizə bir nümunə deyim. 2.0.7-ci – “İctimai ekspertiza” maddəsində nə yazılır? “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının normativ hüquqi aktlarının layihələrinin, sosial-iqtisadi proqramların və layihələrin, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin vətəndaş cəmiyyəti institutları tərəfindən ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi”. Bu gün Azərbaycan reallığında Nazirlər Kabinetinin hesabatında, dövlət büdcəsində o layihələri sənədin özündə görə bilmirik. Smetası nə qədərdir, nə qədər xərclənib, biz bunları görə bilmirik. Hansı orqan ictimai quruma istədiyi layihə, aktlar barədə məlumat verəcək?
Mən də deputat həmkarım Qüdrət bəyin fikri ilə razıyam ki, bir az yüngülləşdirmək lazımdır. İctimai şuraya bu qədər səlahiyyət verərək aciz bir qurum vəziyyətinə gətirmək olmaz. Nəyi edə biləcəksə, onun üzərində fikirlərimizi cəmləşdirsək, daha doğru olar və bu, fəaliyyət göstərə bilər. Çünki 4.0.5-ci maddədə yazılıb ki, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması. Biz millət vəkili olaraq heç bunu edə bilmirik. Yəni biz hansı dövlət siyasətinin formalaşmasında iştirak edirik?  Dəfələrlə məsələ qaldırırıq ki, Milli Məclisdə ya Qarabağ komitəsi yaradılsın, ya da Qarabağ məsələsi müzakirəyə çıxarılsın. Xarici İşlər Nazirliyinin iki-üç məmurundan, Prezident Administrasiyasının bir neçə məsul şəxsindən başqa heç kim bilmir ki, nə baş verir, hansı müzakirələr gedir. Bu barədə heç bir məlumatımız yoxdur. Bu baxımdan bu yükü belə bir ictimai qurumun üzərinə qoymaqla onu çətin vəziyyətdə qoymuruqmu?
Mən hesab eləyirəm ki, hörmətli Azay müəllim bu məsələ üzərində bir az düşünməli, üçüncü oxunuşa qədər layihəni xeyli yüngülləşdirməlidir. Nə edə bilər? Məsələn, icra hakimiyyətlərinin pulu hara xərcləməsi, ona necə nəzarət eləməsi çıxmalıdır, çünki onlardan heç bir nəticə olmayacaq. Məsələn, küçələrdə təmizlik işlərinin aparılmasına,  yaşıllaşdırmaya nəzarət kimi məsələləri salsa, məncə, bura daha real məzmun  əlavə etmək mümkün olacaq.
Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Ona görə lehinə səs verəcəyəm ki, ictimai müzakirədən keçmiş bir neçə qanundan, bəlkə də tək qanundan biridir. Bu ənənəni Milli Məclis səviyyəsində digər qanunların müzakirəsinə tətbiq eləmək vacibdir. Ən azı QHT-lər, vətəndaş cəmiyyəti institutları gəlsinlər, fikirlərini səsləndirsinlər. Artıq ona alışaq.  Amerika Birləşmiş Ştatlarının Konqresində adamlar yuxarıda oturub  iclası izləyirlər. Bizdə vətəndaşın hər hansı bir şəkildə Milli Məclisə daxil olma,  bu prosesdə iştirak etmək imkanı yoxdur. Heç olmasa, layihələrin müzakirəsində peşəkar QHT-lərin iştirakı işimizə ancaq müsbət təsir göstərə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Bir məsələdə mən Sizinlə razı deyiləm. Siz deyirsiniz ki, buradan çox şeyləri çıxarmaq lazımdır. Təmizlik işlərini, nə bilim nəyi qeyd edirsiniz. Mən xahiş edirəm, qanun layihəsini bu qədər aşağılamayın. Bu çox ciddi bir qanun layihəsidir, Azərbaycan Konstitusiyasının 54-cü maddəsinə əsaslanır. Oxuyuram: “Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak eləmək hüququ var”. Bu məhz ona əsaslanıb, ondan irəli gəlib. Təkcə küçə təmizləməklə... Üzr istəyirəm, ciddi adamlarıq, ciddi qanun layihəsi müzakirə edirik. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm.  Ziyafət müəllim, Sizin də qeyd etdiyiniz kimi, vətəndaşın dövlətin və cəmiyyətin idarə olunmasında iştirakı onun konstitusion hüququdur. Bu konstitusion hüququn müxtəlif aspektləri qanunlarımızın predmetinə daxil olur. Amma bu gün müzakirə elədiyimiz bu qanunun predmeti spesifikdir. Bəzi həmkarlarımın dediyi kimi, bu, xoş niyyətdən irəli gələn bir qanundur və cəmiyyətdə, dövlətin idarə olunmasında demokratik keyfiyyətin artırılmasına xidmət edəcək. Mən onunla da razıyam ki, bu, işləklik əmsalı çox da yüksək olmayan bir qanun olacaq. Biz də çalışmalıyıq ki, bu qanunun işləklik əmsalı bir az artsın.
Yadınızdadırsa, 2009-cu ildə keçirilən referendumda hər 40 min nəfər seçiciyə qanunvericilik təşəbbüsü hüququ verildi. Konstitusion bir hüquqdur. Amma əfsuslar olsun ki, bu gün onun realizə olunması  mexanizmləri heç bir qanunda təsbit olunmayıb. İctimai şuraların işləklik əmsalını, bu qanunun fəaliyyətini daha da artırmaq üçün düşünürəm ki, həmin qanunvericilik təşəbbüsü hüququnun ilkin mərhələsini, prosedurlarını – belə bir hüququ ictimai şuralara versək, daha düzgün olardı. Əgər ictimai şura hər 40 min nəfər seçicinin irəli sürəcəyi layihənin müzakirəsində iştirak etmirsə, bu müzakirəni təşkil etmirsə, düşünürəm ki,  dövlətin, cəmiyyətin idarə olunmasında iştirakı da bir az reallıqdan kənar olacaq. Biz  qanunun  işləklik əmsalını artırmaq üçün düşünürəm ki,  həmin o qanunvericilik təşəbbüsü hüququnun reallaşdırılması prosedurları, ən azından təşkilati məsələlər şuraya həvalə edilsə, daha düzgün olardı.
Qanunun özünün hazırlanması, keyfiyyəti məsələlərinə gəldikdə isə deməliyəm ki, bu, qanunvericilik sistemimiz üçün yeni bir qanundur. Yeni olan hər bir layihə, hər bir təsisat da reallıqdan uzaq olur. Hər bir qanunun  işləmə prosesində üstün və mənfi cəhətləri meydana çıxacaq. Ona görə düşünürəm ki, bu qanunun qəbulu yeni bir demokratik keyfiyyət baxımından qanunvericilik sistemimiz üçün töhfə olacaq. O ki qaldı qüsurlarına, qanunun işləmə prosesində meydana çıxanları həmişə dəyişə bilərik. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən qısa danışmaq istəyirəm. Fazil müəllimin fikrinə dəstək olaraq demək istəyərdim ki, həqiqətən, bu, ictimai forumlarda, dinləmələrdə müzakirə olunan çox az qanunlar sırasındadır. Hesab edirəm ki, istər mətbuatda, istər qeyri-hökumət, istərsə də vətəndaş cəmiyyəti təşkilatlarında bu qanun layihəsi yetərincə müzakirə olundu və hər kəsin də fikrinə, təkliflərinə  diqqət yetirildi.
Mən birinci oxunuş zamanı da söyləmişdim, bəzi təkliflərim nəzərə alınıb. İkinci fəsildə – “İctimai şuranın səlahiyyət müddəti və seçilmə qaydası”nda bir maddənin olmasını xahiş edərdim. Burada “gender balansı” sözləri yazılmalıdır.
Bayaq Fazil müəllim dedi ki, qəbul etdiyimiz qanunlardan bəzisi formal xarakter daşıyır, işləmir. “Gender bərabərliyinin təminatları haqqında” Qanun da xüsusi vurğulandı. Mən buna öz etirazımı bildirirəm. Azərbaycanda dövlət siyasətinin tərkibində qadın siyasətinin özünəməxsus yeri var. Ulu öndərimizin vaxtından bu günə qədər dövlət qadın siyasətində çox böyük uğurlar əldə olunub. Son illərdə parlamentdə,  bələdiyyədə qadınların sayının artması elə bu qanundan irəli gələn nailiyyətlərdir, uğurlardır. Hesab edirəm ki, buna qeyri-ciddi yanaşmaq olmaz. Təklif edirəm ki, qanun layihəsini səsverməyə qoyaq. Mənə elə gəlir, çox təkmil qanundur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən birinci oxunuşda da bəzi fikirlərimi söyləmişdim və hörmətli millət vəkilləri də ayrı-ayrı məsələlər barədə öz ideyalarını demişdilər. Hesab edirəm ki, qanun yaradıcılığı ilə məşğul olan şəxslər bunları nəzərə alıblar. Mən baxıram ki, o deyilənlər ayrı-ayrı maddələrdə öz yerini tapıbdır.
Bütövlükdə götürüldükdə bu qanunun cəmiyyətin demokratikləşməsi baxımından mühüm əhəmiyyəti var. İstənilən cəmiyyətdə vətəndaşların dövlət idarəçiliyinə daha çox cəlb edilməsi həmin cəmiyyətin demokratikliyinin göstəricilərindən hesab olunur.
Bu gün Birləşmiş Millətlər Təşkilatında dövlətlərin ayrı-ayrı sahələr üzrə – ümumi daxili məhsula, iqtisadi potensiala, insan amilinə və demokratik prinsiplərə görə siyahıları müəyyənləşdirilir. Bəzən yüksək səviyyədə iqtisadi göstəriciləri olan ölkələr demokratik prinsiplərdə önəmli yer tutmurlar. Bu cür ictimai iştirakçılıqla bağlı qanunun qəbul edilməsi bizim həmin reytinq cədvəllərində yerimizi daha da möhkəmləndirəcəkdir. Yəni insan amili ilə bağlı həmin siyahılarda bu gün Azərbaycan ötən illərlə müqayisədə 20 pillə irəli gedibdir. Bunları hesablayıb, nəzərə alırlar. Ona görə bu, çox gözəl bir qanundur.
4-cü maddədə – “İctimai iştirakçılığın məqsədləri”ndə bu, aydın şəkildə yazılıbdır. Burada Konstitusiyaya və mövcud qanunvericiliyimizə hansı isə bir zidd müddəanı görmək mümkün deyil. Eyni zamanda, “İctimai iştirakçılığın prinsipləri” maddəsində göstərilir ki, burada qanunçuluq prinsipi əsas olacaqdır. Yəni ayrı-ayrı maddələrin tətbiqi ilə bağlı, təbii ki, qanun qəbul ediləndə bu və ya digər fərman veriləcək və bunlar ayrı-ayrı sahələrə həvalə olunacaq. Ona görə mən hesab edirəm ki, bu qanun lazımdır və deputatları səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Əgər çıxış etmək istəyən yoxdursa, onda sözü Azay müəllimə verək, deyilən təkliflər və iradlara münasibət bildirsin. Buyurun, Azay müəllim.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Sizə həm də ona görə minnətdaram ki, qanunun mahiyyəti ilə bağlı çox dəqiq xatırlatma etdiniz. O cümlədən Mübariz müəllimə və digər həmkarlarıma minnətdaram ki, qanunun mahiyyətini olduğu kimi qeyd etdilər. Hesab edirəm ki, qanun layihəsinə müəyyən aydınlıq gətirildi. Əlbəttə, millət vəkillərimiz  fikirlərini söyləmək baxımından sərbəstdirlər, istənilən fikirləri söyləyə bilərlər. Amma mənim üçün bir az təəccüblü olan nə oldu? Biz çıxış edən millət vəkillərinin əksəriyyəti ilə bu qanun layihəsini bəlkə 10 dəfə müzakirə etmişik və hər dəfə də eyni məsələlərə münasibət bildirmişik.
Məsələn, Qüdrət müəllim deyir ki, vətəndaşlar dövlətin siyasətinin formalaşdırılmasında birbaşa iştirak edə bilməzlər. Qanunda, ümumiyyətlə, bundan söhbət getmir. 4.0.5-ci maddədə dövlət siyasətinin formalaşmasında rəy və təkliflərdən söhbət gedir. Bu hökuməti,  parlamenti, dövləti formalaşdıran bu vətəndaş deyilmi? Vətəndaşın rəyi, əlbəttə, nəzərə alınmalıdır. Ona görə də hesab edirəm ki, mahiyyətindən kənara çıxmağa ehtiyac yoxdur.
Digər bir tərəfdən, ictimai şuranın Prezident yanında yaradılması təklif olunur. Bu qanunun mahiyyətinin Prezidentin yanında hər hansı bir institutun yaradılmasına aidiyyəti yoxdur. Bu, müvafiq icra qurumlarının  və ayrı-ayrı aidiyyəti orqanların yanında yaradılacaq. İndiyə qədər yaradılıb fəaliyyət göstərən qurumlardan söhbət gedir. Məsələn, Ədliyyə Nazirliyinin yanında Penitensiar xidmətə ictimai nəzarət komitəsi var, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şura var. Bir neçə gün bundan qabaq iqtisadi inkişaf naziri hörmətli Şahin müəllim bəyanat verdi ki, biz artıq ictimai şura yaradırıq. Söhbət mövcud ictimai münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsindən gedir və hesab edirəm ki, bizdə uğurlu təcrübə də var. Bu gün Avropa Şurası, beynəlxalq təşkilatlar Azərbaycanın penitensiar xidmətə ictimai nəzarət təcrübəsini öyrənirlər. Ona görə də hesab edirəm ki, bu yanaşma doğrudur.
Yaranma mexanizmi burada kifayət qədər aydın göstərilib. Mən sizə deyim ki, biz burada hər şeyi qeyd edə bilmərik. Bundan ötrü vahid əsasnamə qəbul olunacaq və burada qeyd olunmayan hər bir məsələ orada öz əksini tapacaqdır.
İctimai şuranın iclaslarının ildə 4 dəfədən az olmayaraq keçirilməsi məsələsinə toxunuldu. Burada iclasların ildə mütləq 4 dəfə keçirilməsi məsələsi qoyulmayıb. Sən bunu həftədə bir dəfə də keçirə bilərsən, ayda 5 dəfə də.  Amma, sadəcə olaraq, ildə 4 dəfədən, yəni rübdə bir dəfədən az olmayaraq mütləq şəkildə ictimai şuranın iclasları keçirilməlidir.
O ki qaldı ictimai şuraya nazirlərin rəhbərlik etməsinə, mənə belə gəlir ki, bu, mahiyyət baxımından doğru deyil, çünki ictimai şura dövlət qurumlarının işində vətəndaşların iştirakının səviyyəsini artırmaq nöqteyi-nəzərindən ya nazirliklərin, ya da müvafiq qurumların yanında yaradılır. Mən hesab edirəm ki, bizdə uğurlu təcrübə var və o da burada öz əksini tapmalıdır.
Hörmətli İlyas müəllimin təklifləri ilə bağlı bir neçə məsələyə toxundum, amma hüquq və vəzifələrə  bir daha baxarıq. Əgər bu, doğrudan da, ciddi, belə deyək, prinsipial xarakter daşıyırsa, bunu ayrı-ayrı maddələrdə verə bilərik. O ki qaldı ictimai dinləmə və ictimai müzakirələrin eyniləşdirilməsinə, mən hesab edirəm, burada çox incə bir sərhəd var. İctimai dinləmələr yalnız və yalnız məsləhətləşmə, ictimai müzakirələr isə təkliflərin, rəylərin, tövsiyələrin verilməsi xarakteri daşıyır. Onlar zahirən bir-birinə oxşasa da, mahiyyət etibarilə fərqli funksiyanı yerinə yetirirlər.
Hörmətli Muxtar Babayevin təklifi oldu. Niyə 5–15 sayda müəyyənləşib? Elə qurumlar var ki (deyək ki, bələdiyyələr), burada 15 nəfərin toplanması bir az çətin olacaq. Ona görə biz minimum 5, maksimum 15 həddini müəyyənləşdirdik. Səsvermədə biz bura ayrıca bir müddəa əlavə etmişik ki, səslər bərabər bölündükdə ictimai şuranın sədrinin səsi həlledicidir. Ona görə dediyiniz məsələ avtomatik öz həllini tapır.
Fazil müəllimin təkliflərinə keçirəm. Mən onunla razı deyiləm ki, qanun qəbul olunmamış indidən onun haqqında rəy veririk və deyirik ki, bu, işləməyəcək. Niyə işləməyəcək? Yaxşı da işləyəcək. O, demokratik  dünyagörüşlü bir partiya sədridir. Bizim dostumuzun belə bir fikir söyləməsi məni təəccübləndirir. Bu qanunun işləməsinə dəstək, töhfə vermək əvəzinə onun əvvəlcədən işləməyən, məhvə məhkum  qanun olduğunu demək, hesab edirəm, doğru deyil. Səlahiyyət çoxluğunu misal gətirirsə, burada hər bir şey kifayət qədər tənzimlənibdir və hesab edirəm ki, bunlar mütləq şəkildə nəzərə alınacaqdır. Təmizliklə, yaşıllıqla, filanla bağlı məsələlərə, Ziyafət müəllim, Siz münasibət bildirdiniz, mən bunlara cavab vermək istəmirəm.
Yekunda iki məsələyə toxunmaq istəyirəm. Hörmətli Rafael müəllim çox maraqlı bir təklif verdi. Konstitusiyada 40 min seçicinin qanunvericilik təşəbbüsü hüququ var. Amma onun hansı qanunla və necə təşkil olunması açıq qalıb. Əgər bizim hörmətli hüquqşünaslar bununla bağlı konkret bir təklif verərlərsə, hesab edirəm, bu qanunun daha da təkmil olmasına xidmət edər və müəyyən mənada o boşluğu doldurmuş olar. Mən buna müsbət yanaşıram.
Sonra, Məlahət xanımın gender bərabərliyi ilə bağlı təklifinə də müsbət yanaşmaq lazımdır. Baxmayaraq ki, biz prinsiplərdə bərabərliyi ayrıca qeyd etdik, amma bu, digər beynəlxalq təşkilatların da daim diqqət yetirdiyi məsələdir. Hesab edirəm ki, biz bu məsələyə də baxa bilərik. 
Hörmətli sədarət, əziz həmkarlar, mən rəy və təkliflərinizə görə  hamınıza bir daha təşəkkür edirəm. Çalışacağıq ki, bütün bu rəy və təkliflər üçüncü oxunuşda nəzərə alınsın. Sizin hər birinizi bu layihəyə səs verməyə çağırıram. Diqqətiniz üçün təşəkkürlər.
Sədrlik edən. Sağ olun, Azay müəllim, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, mən bir-iki kəlmə ilə yekunlaşdırmaq istəyirəm. Həqiqətən, bu qanun layihəsinin çox böyük ictimai əhəmiyyəti var, amma çıxışlarda mən bir fikri tuta bilmədim. Bəzi deputatlara elə gəlir ki, bu qanun layihəsinə görə vətəndaşlar dövlətin idarə olunmasında iştirak edirlər. Bu qanunun vətəndaşların dövlətin idarə olunmasında iştirakına  heç bir aidiyyəti yoxdur.
Dövlətin idarə olunması ilə bağlı Konstitusiyada 55-ci maddə var.  Burada söhbət səsvermədən gedir. Bu səsverməni vətəndaş ya bilavasitə həyata keçirir, Prezidenti, Milli Məclisin deputatını, bələdiyyə üzvlərini seçir, ya da öz nümayəndələri, yəni deputatlar vasitəsi ilə dövlətin idarə olunmasında iştirak edir.
Bu qanun layihəsi Konstitusiyanın 54-cü maddəsinə əsaslanır. 55-ci maddədə söhbət idarəetmədən gedir, yalnız səsvermə ilə bağlıdır. 54-cü maddəyə görə isə cəmiyyətin və dövlətin siyasi həyatında iştirak edirlər. Qanun layihəsinin müzakirəsində, qəbullarda iştirak edirlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin həyata keçirilməsinə tövsiyələrini verirlər. Bax, bundan söhbət gedir. Yəni bir var, iştiraketmə,  bir də var, idarəetmə. Tamamilə başqa-başqa məsələlərdir. Ona görə gəlin, bu məsələni qarışdırmayaq.
Əgər başqa çıxış etmək istəyən yoxdursa, səsverməyə keçək. Qanun  6 fəsildən ibarətdir. Xahiş edirəm, I, II, III fəsillərə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
 Lehinə  102
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IV, V, VI fəsillərə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, qanun layihəsinə bütövlükdə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  100
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bununla da bugünkü iclasımız sona çatır. Sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU