21.06.2013 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 69
Milli Məclisin iclas salonu.
21 iyun 2013-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 98
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. “Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
1. “Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
9. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
10. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Fəzail Ağamalı, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi
14. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
15. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
17. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
18. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
19. Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
Çıxış etmişlər: Oqtay Əsədov, Musa Quliyev, Siyavuş Novruzov, Valeh Ələsgərov, Asəf Hacıyev, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Musa Qasımlı, Hadi Rəcəbli, Fazil Mustafa, Əli Əhmədov, Fəzail Ağamalı, Fəzail İbrahimli, Yaqub Mahmudov, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Məlahət İbrahimqızı, Ceyhun Osmanlı
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
21 iyun 2013-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 98
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, iyunun 13-də ikinci dəfə olaraq Avropa Parlamenti Azərbaycana qarşı təxirəsalınmaz qətnamə qəbul edib. O qətnamə “təxirəsalınmaz” olduğu kimi, biz də gündəliyə birinci məsələ kimi Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatını daxil etməliyik. Buna etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bu məsələ birinci məsələ olmaqla, xahiş edirəm, gündəliyə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Gündəlik qəbul olundu, sağ olun.
Sizə dediyim kimi, iyunun 13-də Avropa Parlamentində “təxirəsalınmaz” adı ilə iclas keçirilib və Azərbaycana qarşı qətnamə qəbul edilib. Qətnamənin qəbulunda Avropa Parlamentinin 734 üzvündən cəmi 32 nəfəri iştirak edib. 32 nəfər də elektron səsvermə ilə deyil, əl qaldırıb səs verməklə bu qətnaməni qəbul edib.
Bu nə deməkdir? Biz bir daha gördük ki, Azərbaycana qarşı qərəzli olan qüvvələr vaxt seçirlər.
Bildiyiniz kimi, bu günlərdə Cənub qaz dəhlizinə görə Avropa Parlamenti – Azərbaycan sammiti keçirilir. Mən şəxsən belə hesab edirəm ki, son 3 həftə ərzində ortaya çıxarılan məsələlər bu sammitdə Azərbaycana təsir eləmək məqsədi güdür.
Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə çox konstruktiv tərəfdaşlıq eləyir. Azərbaycan 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə, 2004-cü ildə Avropa qonşuluq siyasətinə, 2009-cu ildə Şərq tərəfdaşlığına qoşuldu. Bu dövr ərzində ilk dəfə Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi yarandı və həmsədr Valeh müəllim oldu. Parlamentlə əlaqələrimiz inkişaf etdikcə Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan Avronest Parlament Assambleyasının yaradılmasının fəal iştirakçısı oldu.
Bu parlament təşkilatlarının yaranmasının əsas səbəbi nə idi? Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasında əlaqələri inkişaf etdirmək, ölkələrimiz arasında mövcud olan hər hansı bir məsələni bu parlament qruplarında əvvəldən həll eləmək və sonra təqdim eləmək məqsədi güdülürdü. Amma əfsuslar olsun, neçənci dəfədir görürük ki, parlament əməkdaşlığı komitəsində, Avronest Parlament Assambleyasında heç bir məsələ həll olunmadan birbaşa kimlərinsə işarəsi ilə Azərbaycana qarşı təxirəsalınmaz qətnamə qəbul olunur.
Mən sizə söyləmişdim, bu qətnamə hazırlanan gün Brüsseldə idim. Parlament Assambleyasının Sədri ilə çox gözəl görüşlərimiz, maraqlı söhbətlərimiz oldu. Ancaq o dövrdə artıq bu qətnamə hazır imiş. Çox təəssüf edirəm ki, biz çox zaman Avropa Parlamenti ilə dostluq qrupumuzdan danışırıq, amma iclasda yalnız əməkdaşlıq komitəsinin həmsədri və dostluq qrupundan bir nəfər – Kristina Oyuland iştirak etmişlər. Onlar, həqiqətən, çox kəskin çıxış etmiş, qətnamənin qəbulunun əleyhinə çıxmışlar. Bütün bunlara baxmayaraq, qətnamə qəbul olunmuşdur.
Bu nəyi sübut eləyir? Bu o deməkdir ki, Azərbaycanın inkişafı, apardığı müstəqil siyasət çoxlarının xoşuna gəlmir və onlar üçün qəbuledilməzdir. Azərbaycana təzyiq metodu kimi bu məsələlərdən istifadə olunur. Mən tam səmimi deyirəm, Avropa Parlamenti Milli Məclis kimi bir qurumdur. O parlamentin bizə nəyi isə diktə eləmək ixtiyarı yoxdur. O, tövsiyəsini verə bilər. Biz də eyni qaydada avropalılara söyləyə bilərik ki, siz demokratiyadan bizə dərs demək istəyirsiniz, amma özünüz yaratdığınız təsisatlarla, institutlarla, parlamentlərlə işləmək istəmirsiniz.
Mən hesab edirəm ki, bu gün biz bu qətnaməyə Azərbaycan parlamentinin kəskin münasibətini bildirməliyik. Yəni artıq bu məsələlərdən yorulmuşuq. Avropa Parlamentində Azərbaycana qarşı ilk qətnamə nə vaxt qəbul olundu? Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə ilk qətnamə qəbul olundu. Yenə “təxirəsalınmaz”. Nə üçün “təxirəsalınmaz”? Dünya dağılıb, nə olub? Nəyə görə “təxirəsalınmaz”? Heç kimlə, heç bir təşkilat ilə məsləhətləşmədən qəbul etdilər.
60 nəfər Avropa Parlamentinin üzvü Avronest Parlament Assambleyasında təmsil olunur. Bəyəm o qətnamədən 4 gün qabaq Brüsseldə Avronest PA-nın iclası getmirdi? Niyə bu məsələni iclasa qoyub fikirlərini söyləmirdilər? Yəni bu bir daha sübut edir ki, qəbul olunan qətnamə qərəzlidir, Cənub qaz dəhlizi ilə əlaqədar məsələlərə təzyiqdir.
Son 3 həftə ərzində Avropa televiziyalarında Azərbaycana qarşı qərəzli verilişlər getməyə başladı. Azərbaycan QHT-lərinin üzvlərinin iştirakı ilə iki böyük iclas keçirdilər. Leyla Yunus, Xədicə İsmayılova, Qubad İbadoğlu orada çıxışlar elədilər. Yəni bu onu göstərir ki, bu qətnamə hazırlanmış məsələdir. Bu həm Azərbaycana qarşı qərəzli mövqe tutmuş deputatların, həm də bəzi ölkələrin öz məqsədlərinə çatması üçün apardıqları siyasətdir. Mən bunu söyləmək istəyirdim.
İndi gündəliyin birinci məsələsinə keçirik. Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar çıxış etmək istəyənlər, xahiş edirəm, yazılsınlar. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Oqtay müəllim, Sizin dediklərinizlə tamamilə şərikəm. Bu tək Milli Məclis üzvlərin deyil, bütövlükdə ictimaiyyətimiz narahat edən bir məsələdir.
Avropa Parlamentinin iyunun 13-də qəbul etdiyi qətnamə əsassız, qərəzli, hüquqi cəhətdən qeyri-ciddi və Azərbaycan–Avropa İttifaqı münasibətlərinə etimadsızlıq yaradacaq bir sənəddir. Belə bir sənədin qəbul olunması heç də Avropa Parlamentinin Azərbaycandakı proseslərə doğru münasibətinin ifadəsi deyil. 754 parlament üzvündən cəmi 32 nəfərin iştirak etdiyi bir iclasda “təxirəsalınmaz qətnamə” kimi məsələnin gündəliyə qoyulması doğru deyil.
Mən iclasın stenoqramları ilə də tanış oldum. İclasın gedişindən də görünür ki, çıxış eləyən deputatların çoxunun məsələnin mahiyyətindən xəbəri yoxdur. Azərbaycan əleyhinə çıxış edən deputatların əksəriyyəti bundan öncəki qətnamələrdə də Azərbaycan əleyhinə fəallıq göstərən insanlardır. Təəssüflər olsun ki, bu gün Avropa Parlamentində Azərbaycan əleyhinə belə bir qrup formalaşıbdır. Bu da onu göstərir ki, bu, Azərbaycana qarşı qərəzli, əsassız hazırlanmış və xüsusi məqsədlər güdən bir sənəddir. Sənədin ifadə forması da, göstərici tonu da Azərbaycan üçün məqbul deyil və hesab edirəm ki, bu yalnız oradakı antiazərbaycan qrupunun fəaliyyətinin nəticəsidir.
Sənəd İlqar Məmmədovun məsələsi adlandırılsa da, orada Azərbaycanla bağlı həqiqətə uyğun olmayan digər məsələlər öz əksini tapmışdır. Göstərilir ki, guya İlqar Məmmədov dinc kütləvi aksiyalarda iştirak etdiyinə görə tutulub və təcili surətdə azad olunmalıdır. Əslində, xalqımız, ictimaiyyət bilir ki, bu il yanvar ayının sonunda İsmayıllı rayonunda iğtişaşlar törədildi, maşınlar, evlər yandırıldı, xəsarət alanlar oldu. İğtişaşların təşkil olunmasında və qayda-qanunun pozulmasında şübhəli bilinən şəxslərdən bir qrupu həbs olunubdur. İndi onların istintaqı gedir və onlardan birinin soyadı İlqar Məmmədovdur.
Əslində, Avropa Parlamentinin bu qətnaməsi həqiqəti əks etdirmir, Azərbaycana təzyiq vasitəsidir. Qeyd edirlər ki, guya İlqar Məmmədov tanınmış müxalifət lideri olduğuna görə həbs olunubdur. Onun nə bir siyasi partiyası var, nə də Azərbaycanda bir siyasi partiya lideri kimi tanınır.
Deyirlər ki, prezidentliyə namizəd olduğuna görə həbs olunubdur. Hələlik bu prosedur başlanmamışdır və belə götürsək, Azərbaycanda seçilmək hüququ olan 5 milyona yaxın insanın hər birinin prezidentliyə namizədlik ürəyindən keçə bilər. Bu o demək deyil ki, hər həbs olunan adam prezidentliyə namizəddir və buna görə də həbs olunubdur. Yəni tam məntiqsiz, absurd əsaslarla bu qətnamə qəbul olunub. Mən, əslində, düşünürəm ki, İlqar Məmmədov və onun kimi fitnəkarlar Avropa Parlamentində oturan və bəzi qrupları təmsil eləyən insanların yaratdıqları layihələrdir, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, Azərbaycana qarşı müxtəlif sanksiyaları tətbiq etmək üçün düşünülmüş addımlardır.
Qətnamənin digər bəndləri də həqiqətə uyğun deyil, Azərbaycan reallığını əks etdirmir. Ümumiyyətlə, qətnamənin forması, tonu göstərir ki, Azərbaycana hər hansı bir təzyiqin göstərilməsi qəbuledilməzdir. Burada göstərilir ki, həbs olunanlar, xüsusən jurnalistlər, siyasi fəallar qeyd-şərtsiz həbsdən azad olunmalıdırlar. Azərbaycanda heç kəsi siyasi və ya jurnalistlik fəaliyyətinə görə həbs etmirlər. Hər kəsin törətdiyi konkret cinayət əməli var və buna görə də cavab verməlidir.
Digər tərəfdən, Azərbaycan öz qanunları ilə yaşayan müstəqil bir ölkədir. Avropa Parlamentinin və ya digər bir qurumun Azərbaycana “mütləq siz bu işi eləməlisiniz” göstərişini verməsi, təbii ki, absurddur və mənasız bir şeydir. Diffamasiya haqqında qanunun qəbul olunmamasını bizə irad tuturlar. Avropa ölkələrinin böyük əksəriyyəti bu qanunu qəbul etməyib. Ümumiyyətlə, təhqir və böhtandan azadolma haqqında qanun qəbul olunması bütövlükdə cəmiyyətin əxlaqına zidd olan bir məsələdir.
Göstərir ki, Bakı şəhərinin mərkəzində aksiyalara icazə verilməlidir. Harada yazılıb ki, bir ölkə digər bir müstəqil ölkəyə göstəriş versin ki, sən harada dinc aksiya keçirməlisən? Bizim kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanunumuz var. O qanunda da göstərilir ki, harada bu tədbirləri keçirmək olar və Bakı Şəhər İcra Hakimiyyəti və digər rayon icra hakimiyyətləri də müvafiq yerlər ayırıblar və insanlar da istədikləri vaxt orada öz tədbirlərini keçirirlər, fikirlərini söyləyirlər.
Mən demək istəyirəm ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana təzyiq vasitəsidir. Amma onlar unudurlar ki, Azərbaycan 20 il, hətta 10 il bundan qabağın Azərbaycanı deyil. Azərbaycan güclü bir dövlətdir. Bizdə demokratik proseslər vətəndaş cəmiyyəti dönmədən inkişaf edir. Azərbaycanla təzyiq dilində danışmaq, Azərbaycana nəyi isə diktə etmək mənasız bir şeydir. Oqtay müəllim, Siz də dediniz, fürsətdən istifadə eləyib bir məsələyə toxunmaq istəyirəm. Bizim Avropa parlamentləri ilə işləyən qruplarımız, xüsusilə Avronest PA-da çalışan deputatlarımız ya öz fəallıqlarını artırmalıdırlar, ya da fəaliyyət formalarını dəyişməlidilər. Əgər cəmi 30–32 nəfərlik qrup bizim əleyhimizə fəaliyyət göstərirsə, biz niyə orada indiyə kimi 50–60 nəfərlik bir qrupu formalaşdıra bilmirik ki, daim Azərbaycan həqiqətlərini göstərsinlər. Onları Azərbaycana dəvət etmək, həqiqətlərimizi göstərmək olar. Onlarla istənilən formada işləmək lazımdır ki, bu iş öz həllini tapsın.
Mən təklif edirəm ki, biz bir bəyanat qəbul eləyək. O bəyanatda göstərək ki, Avropa Parlamentinin Azərbaycan haqqında əsassız, qərəzli bir mövqe tutması ona şərəf gətirmir, özünə olan etimadı azaldır. Azərbaycanda demokratiya, vətəndaş cəmiyyəti, dövlət quruculuğu inamla inkişaf edir. Azərbaycanda islahatlar davam edir və Azərbaycan Avropaya inteqrasiyada maraqlıdır. Bu maraq da qarşılıqlı, ikitərəfli olmalıdır.
Eyni zamanda, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi də bizim bəyanatımızda öz əksini tapmalıdır. Əgər, doğrudan da, Avropa parlamentariləri haqqı, ədaləti, demokratiyanı, humanizmi sevən insanlardılarsa, bir milyon qaçqının ata-baba yurdlarına dönməsi məsələsində öz yardımlarını göstərsinlər.
Nəhayət, bu bəyanatda göstərməliyik ki, Azərbaycan Avropaya inteqrasiya yolundakı dönməz siyasətini davam etdirəcək. Amma bu siyasət qarşılıqlı olmalıdır. Biz arzu edərdik ki, gələcəkdə belə qətnamələr qəbul olunmasın, Avropa dəyərlərini, Avropa həqiqətlərini özündə cəmləşdirən belə bir quruma bizim cəmiyyətin etimadsızlığı olmasın. Sağ olun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. 33 nəfərə yaxın adam yazılıb. Biz bütün günü bunu müzakirə eləyə bilmərik. İndi Siyavuş müəllim çıxış eləsin, sonra 5 dəqiqəyə keçək. Xahiş edirəm, konkret fikirlərinizi deyin, təhlil eləmək lazım deyil. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Sizin fikirlərinizə qoşuluram, Musa müəllimin indi qeyd elədiklərinin tam tərəfdarıyam. Avropa Parlamentinin qəbul etdiyi qətnamə təpədən dırnağa qədər qərəzlidir və Azərbaycanın əleyhinə yönəlmiş böhtan kampaniyasının bariz bir nümunəsidir. Dərin fikirləşsək, görərik ki, orada iştirak edən deputatların heç biri nə İlqar Məmmədovu, nə Yaqublunu, nə də İsa Qəmbəri tanıyır.
Ümumiyyətlə, nədən birdən-birə belə bir təxirəsalınmaz addım atılsın? Qətnamədə göstərilir ki, Azərbaycan tərəfindən 52 QHT bu məsələni qaldırıb. Həmin QHT-lərin, siyasi partiyaların heç birinin adları çəkilmir. Çünki onların heç biri fəaliyyət göstərmir. Hərəsi öz kompüterində bir QHT yaradıb Avropanın ayrı-ayrı idarələrinin tapşırıqlarını həyata keçirməklə məşğul olur. Onlara məlumat ötürən o siyasi partiya rəhbərlərinin özlərini burada aşağılayırlar.
Qeyd eləyirlər ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğuna görə onun haqqında həbs qətimkan tədbiri seçilibdir. İlqar Məmmədov heç bələdiyyə sədrliyinə real namizəd ola bilməz. İndiyə qədər bələdiyyə üzvlüyünə də seçilməyibdir. Bu adam parlament seçkilərində 500 imzanı toplaya bilməyib. Bu adamın Azərbaycanda prezidentliyə real namizəd kimi qələmə verilməsi böhtanın bariz nümunəsidir. Çıxsınlar küçəyə, sosioloji sorğu keçirsinlər ki, bu adamı tanıyan var, yoxsa yox? Görəcəklər ki, bunu heç 3 adam da tanımır.
Oqtay müəllim, Siz də qeyd elədiniz, bir neçə təşkilat da bu cür bəyanat verib. Onlardan biri də “Freedom House”dir. Elə bil, ikisini eyni adam yazıb. Bu qərar layihələrinin müəllifi eyni adamdır. Eyni mənbədən qidalanırlar, eyni təzyiq vasitəsidir. 20 ildir, görürük ki, Azərbaycana bu təzyiq davam edir. Bu təzyiqlərin hamısı Azərbaycanın təbii sərvətlərindən güzəştli istifadə etməkdən ötrüdür. Azərbaycanın uğurlarını gözlərinin götürməməsidir. Erməni lobbisinin azərbaycanlı həmkarları ilə birləşib Azərbaycana böhtan atmasının nəticəsidir. Biz daim bunların şahidiyik.
Qətnamə ilə bağlı bənd-bənd fikrimi bildirəcəyəm. Bu yaxınlarda “Freedom Housemu” hesabatına 20 ildən artıqdır, müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlu bir dəfə ədalətli olaraq etiraz elədi ki, bu, qərəzlidir. Bundan ötrü onu partiyadan çıxardılar. Bəs haradadır söz azadlığı, haradadır fikir müxtəlifliyi, haradadır sizin demokratiyanız? Hansı demokratiyadan danışırsınız?
Mənim xatirimdədir ki, 1995-ci ildə Şirzad Əyyubov deputat seçildi. İsa Qəmbər seçilmədi deyə onu partiyadan çıxardılar. 2000-ci ildə Vaqif Səmədoğlu parlamentə seçildi, İsa Qəmbər seçilmədi. Onu Müsavat Partiyasından çıxardılar. 2005-ci ildə Aynur Camalqızı seçildi, onu da Müsavatdan xaric elədilər. Böhtan və iftiradan ibarət olan həmin qətnamə bu cür “demokratların” oradakı “demokratlarla” əlaqəsinin nəticəsidir.
Qətnamədə sərbəst toplaşma azadlığı ilə bağlı məsələyə yer ayrılıb. Bizim parlamentdən ora 10 dəqiqəlik məsafədir. Tam təmirli, hazır vəziyyətdə olan ən yaxşı yerdir. Mitinqləri keçirmək üçün vacib olan yerdir. Ona görə orada keçirmirlər ki, sosial bazaları yoxdur. Bunu niyə bəhanə edirlər?
İkinci bir tərəfdən, tutulan şəxslərin istintaqı gedir. Hələ məhkəmə hökmü yoxdur, qərar qəbul olunmayıb, amma göstəriş verirlər ki, bunlar azadlığa çıxmalıdırlar. İstintaq materialları ilə tanış olmamısınız. Azərbaycan hökumətinə, ayrı-ayrı qurumlara, hüquq mühafizə orqanlarına müraciət etməmisiniz, məlumatınız da yoxdur. Bəlkə bunlar böyük bir terror aktı törətmək istəyirmişlər. Haradan bilirsiniz? Elə bunlar hər hansı bir siyasi partiyanın üzvləridir, Avropaya işləyirlər. O mənada törətdiyi cinayətdən asılı olmayaraq bunlar dərhal azadlığa çıxmalıdırlar? Məsələn, bir jurnalist öz peşə fəaliyyəti ilə məşğul olmur, tamamilə başqa bir cinayət törədir. Onun peşəsinə aidiyyəti olmayan məsələdir. Nə olsun ki, jurnalistdir? Onda müəllim də, həkim də desin ki, məni niyə tuturlar? Diffamasiya haqqında qanundan danışırlar. Bu gün Azərbaycanın bəzi mətbuat orqanları buna hazır deyillər. Parta arxasında oturmayan, ali təhsili olmayan, ancaq sensasiya dalınca qaçan, digərlərini təhqir etməklə özünə xal qazanan cavan uşaqları qabağa buraxmaqla onlar nəyə nail olmaq istəyirlər? Müəyyən tərbiyə metodları var ki, onlar tərbiyələnsinlər, düzgün yola gəlsinlər, əməlisaleh işin yaxasından yapışsınlar və fəaliyyətlərini davam etdirsinlər.
Mən hesab edirəm ki, bizim bəyanatımız çox kəskin olmalıdır. Cənubi Qafqazda Avropa İttifaqı ilə ən böyük layihələri həyata keçirən Azərbaycandır. Azərbaycan bütün tərəfdaşlıq proqramlarını, götürdüyü öhdəlikləri yerinə yetirir. İndi bir neçə siyasi partiyaya mənsub olan 32 nəfərin yığışıb, Sizin qeyd elədiyiniz kimi, müəyyən layihələrin həyata keçirilməsi ərəfəsində belə bir bəyanat verməsi bizə aydındır. Aydınlıq ondan ibarətdir ki, şərtlər qoyurlar. Onların demokratiyası artıq öz pərdəsini cırıb. Məlum olur ki, onlar demokratiya yox, maraq güdürlər. İqtisadi maraq əsasında onlar bu qətnamələri qəbul edirlər.
Musa müəllimin bir təklifi ilə razıyam ki, bizim dostluq qrupları da öz fəaliyyətlərinə diqqətlə yanaşmalıdırlar. Ayrı-ayrı qurumlar yaranıb. Tez-tez də gedib-gəlirlər, görürsən ki, təyyarədə yatırlar. Bunların fəaliyyəti düzgün istiqamətləndirilməlidir. Orada Azərbaycanı istəyən yüzlərcə parlament üzvü var. NATO Parlament Assambleyasında dəfələrlə şahidi olmuşam ki, xeyli insan bizə yaxınlaşıb, Azərbaycana olan xoş münasibətlərini bildirib. Onların bəziləri Avropa Parlamentində də təmsil olunurlar, Azərbaycanın dostlarıdırlar. Bu adamlarla iş aparılmalıdır ki, Azərbaycanın əleyhinə ədalətsiz qəbul olunmuş qətnaməyə etirazlarını bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, Avropada dostlarımız var, ancaq belə məsələlərdə yaxasını kənara çəkənlər də çoxdur. Mən Brüsseldə olanda mənə bir sənəd verdilər. Brüsseldə 5 erməni təşkilatı var. Onların hər birində Avropa Parlamentinin 5–6 üzvü var. Əsas ermənipərəst qüvvələr, yeri gələndə Azərbaycana problem yaratmaq istəyənlər bunlardır. Bizim dostluq qrupunun, heç olmasa, 20 faiz dəstəyi olsaydı, bu qətnamə qəbul olunmazdı.
Görürəm, çıxış eləyənlər çox olacaq. Ona görə təklif edirəm ki, redaksiya komissiyası yaradaq. Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Səməd Seyidov, Əli Hüseynli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Novruz Aslanov, Asim Mollazadə olsun. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Valeh müəllim mənə Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işlərindən çox şikayət edir. Fikirləri varsa, buyursun.
V.Ələsgərov. Çox sağ olun, Oqtay müəllim. Deməli, mən şəxsən bu qətnaməni Avropa Parlamentinin sənədi kimi qəbul etmirəm. Təsəvvür edin ki, bizim Milli Məclisin 6 üzvü sabah burada yığışsın, təxirəsalınmaz hadisə ilə əlaqədar bir qərar qəbul etsin. Bunu ciddi qəbul edərsiniz? Yox. Mən də ciddi qəbul etmərəm.
İkincisi, mən əminəm, demişəm və dəfələrlə də deyəcəyəm. Bəzi layihələr həyata keçənə, bəzi qərarlar verilənə qədər bu cür “təxirəsalınmaz qətnamələr” veriləcək. Biz bunu görmüşük. Bakı–Tbilisi–Ceyhan neft kəməri tikiləndə, başqa tədbirlər həyata keçiriləndə təzyiq metodu kimi bunu görmüşük, bunları yaşamışıq.
Təxirəsalınmaz iclasın keçirilməsi barədə deyim. Oqtay müəllimin dediyi kimi, bundan bir neçə gün öncə Avronest PA-nın iclası keçirilir. Avropa Parlamentinin 60 nəfər üzvü orada təmsil olunur. Əgər, doğrudan da, Avropa Parlamentində 754 nəfərin 60–70 faizi Azərbaycandakı vəziyyəti bu qədər ciddi qəbul edirsə, Avronestdə bu məsələ niyə müzakirə olunmur? Bu Avronest nəyə görə yaranıb? Mən həmişə demişəm ki, öz oyunlarında 6 ölkədən istifadə etmək üçün yaradılıb. Bu gün də bu fikrimdə qalıram və hadisələr bunu təsdiq edir.
May ayının 1–2-sində Bakı şəhərində Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin növbəti iclası keçirilməli idi. Biz fikrimizi bildirdik ki, hansı məsələni istəyirsiniz, müzakirə edək, hansı görüşləri istəyirsiniz, keçirək. Mən şəxsən müraciət elədim. Elə bir nazirlik olmadı ki, orada ən aşağısı nazir müavini səviyyəsində təmsil olunmasın. Gündəliyi razılaşdırdıq. Bütün suallara cavab verməyə, hər bir məsələni müzakirə etməyə hazır olduğumuzu bildirdik. May ayının 1–2-si iclas keçirilmədi. Bu qısa müddətdə Azərbaycanda vəziyyət o qədər kəskin şəkildə dəyişibdir ki, təxirəsalınmaz iclas keçirilsin?
Deməli, mayın 1–2-nə iki gün qalmış xəbər gəlir ki, komitənin həmsədrindən başqa digər deputatlar öz işləri ilə məşğuldurlar, gələ bilmirlər. Bundan sonra mən inanarammı ki, onları Azərbaycandakı vəziyyət bu qədər maraqlandırır? Azərbaycandakı vəziyyət bu qədər acınacaqlıdır ki, bunlar bu məsələ ilə təcili məşğul olmalıdırlar?
İki misal gətirdim, bunların sayını artıra da bilərəm. Bu “ürəyi yanan”, bu məsələ ilə məşğul olan, onu həll etmək istəyən insanların il ərzində iki dəfə – may və iyun aylarında görüşmək imkanları olub. Demişik ki, gəlin, Bakıda görüşək, danışaq. Bu görüşlər olubsa da, bu məsələlər müzakirə olunmayıb, mayın 1–2-sində bizim əməkdaşlıq komitəsinin iclası keçirilmədi. Bunu necə qəbul etmək olar?
Bayaq Oqtay müəllim dedi, mən neçə ildir, bu əməkdaşlıq komitəsinin işindən şikayət edirəm. Bəli, şikayət edirəm, çünki ildə bir dəfə görüşürük. Neçə ildir, təklif edirik ki, bu, əməkdaşlıq komitəsidirsə, işimiz il ərzində davam etməlidir. Parlament nümayəndələrinin əməkdaşlığı birinci növbədə qanunvericilik sahəsində olmalıdır. Biz buna nail ola bilmirik.
İclas nədən ibarət olacaq? Parlament deputatları yox, müəyyən bir komitənin hazırlamış olduğu bir kağızı gətirəcəklər ki, gəlin, bunu müzakirə eləyək, altından imza edək. Mən parlamentin üzvü ilə görüşürəmsə, onunla birbaşa müzakirə eləməliyəm. Onda ikimiz də razılaşdırdığımız bir qərarı verə bilərik. Mən insan, parlamentin üzvü, azərbaycanlı olaraq kiminsə qərarını qəbul edə bilmərəm. Bu cür üsulları biz görmüşük. Biz “böyük qardaş” ideologiyasını qəbul etmirik.
Avropa Parlamentinin nə ixtiyarı var ki, bizə göstəriş versin? Avropadakı bütün problemləri çözüblər? O gün xəbərlərdə qulaq asıram ki, Yunanıstanda əhalinin 28 faizi işsizdir. 18–25 yaş arasındakı gənclərin 67,2 faizi işsizdir. Dəhşətli bir vəziyyətdir. Bu, insan hüquqlarına aid olan bir məsələ deyil? İşin-gücün qurtarıb ki, Azərbaycandakı “təxirəsalınmaz” məsələni ortaya atasan?
İkincisi, Avropaya inteqrasiyadan danışanda bir az ehtiyatlı olaq. Gürcüstanı, ya da Ukraynanı götürün. İnteqrasiyanı hay-küyə saldılar. Hamı belə qərara gəldi ki, Gürcüstan 2008-ci ildə NATO-ya, ondan bir-iki il sonra da Avropa Birliyinə qəbul olunacaq. Dedilər ki, Gürcüstandakı kimi demokratiya, korrupsiya ilə mübarizə yoxdur, gedin, öyrənin. Dar ayaqda Gürcüstanın arxasında kim durdu? Avropaya inteqrasiya nə nəticə verdi? Bu gün Gürcüstanda gedən proseslərə fikir verin. Kim arxasında durdu? Ukrayna da elə. Ona görə də Avropaya inteqrasiyadan danışanda bir az ehtiyatlı olaq. Bu ölkə, bu millət bizimdir, gələcəyi də, keçmişi də bizimdir. Qərarları da biz verməliyik, onun-bunun ağzına baxmamalıyıq. Mən şəxsən bunu Avropa Parlamentinin qətnaməsi kimi qəbul etmirəm. Bəyanat verməliyik və gətirdiyim misalları da orada çəkməliyik. Əgər, doğrudan da, ürəyiniz yanırsa, niyə görüşlərdə bu məsələləri qaldırmırsınız? Niyə bu görüşlərə gəlmirsiniz? Mən çox danışa bilərəm, ancaq yeni vəzifəm var, onunla məşğul olmalıyam. Bir az emosional danışdığıma görə çox üzr istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Valeh müəllim dedi ki, bəyanat hazırlanacaq. Mən təklif edirəm, bəyanatı belə adlandıraq: “Avropa Parlamentinin 32 nəfərinin bəyanatına cavab”. Çünki bunu Avropa Parlamenti deyil, 32 nəfər qəbul edib.
Bəyanat haqqında bir neçə söz demək istəyirəm. Ümumiyyətlə, bu gün bütün Avropa Avropa dəyərləri üzərində qurulub. Nədir Avropa dəyərləri? Avropa dəyərləri mənəvi bir anlayışdır. İlk baxışdan qəbul olunmuş sənəddə görünür ki, Avropa Parlamenti Azərbaycan vətəndaşları haqqında narahat olur. Gəlin, baxaq, görək ki, bu qərarın qəbul olunmasına onların mənəvi haqqı varmı? Hesab edirəm ki, yox. Əgər varsa, bundan öncə bir milyon insanın taleyi haqqında niyə qərar qəbul eləmirdilər? İşğal altında olan torpaqlar haqqında niyə bəyanat qəbul eləmirdilər?
Bu gün Avropa fəxr eləyir ki, yüksək texnologiyalardan istifadə edib uzaq kosmosdan Yer üzərində olan bir kvadratmetr əşyanı görür, onu idarə edirlər. Çox gözəl, biz də fəxr edirik. Siz bunu görürsünüz, amma bir milyon qaçqını görmürsünüz? İşğal olunmuş 20 faiz torpağı görmürsünüz?
Dünya Bankının məlumatına görə, işğal olunmuş torpaqlarda Azərbaycana vurulan ziyan 60 milyard ABŞ dolları təşkil edir. Bunu kim ödəyəcək? Deyək ki, Azərbaycan o torpaqları qaytardı, Avropa Parlamenti, sənmi ödəyəcəksən? Ona görə hesab edirəm ki, onların belə bir qərarı qəbul etməyə mənəvi haqları yox idi.
Ümumiyyətlə, demokratiya nədir? Demokratiya bir prosesdir, çoxluğun maraqlarını əks etdirir və azlıqların hüquqlarını müdafiə edir. 32 nəfər 750 adamın maraqlarını əks etdirir? Ona görə mənasız bir qərardır.
Baxın, nə baş verir? Azərbaycanda gözəl bir hadisə baş verən kimi, Avropa Parlamenti qərar qəbul edir. Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinə hazırlaşırıq, qərar qəbul olunur. İndi mən fikirləşdim ki, görəsən, Azərbaycanda nə baş verib ki, bunlar tələmtələsik belə bir qərar qəbul ediblər. Bəli, Azərbaycanda gözəl bir hadisə baş verəcək. 600 min üzvü olan Yeni Azərbaycan Partiyası V Qurultayını keçirdi və birmənalı olaraq partiyanın sədri cənab İlham Əliyevi prezidentliyə namizəd irəli sürdü. Görəsən, bumu avropalıları narahat edir? Bəli, avropalılar başa düşməlidirlər ki, Azərbaycanın Prezidenti müstəqil bir siyasət yürüdür, heç kimin təhriklərinə baxmır və Azərbaycanı inkişafa aparır. Yəqin ki, onları narahat eləyən budur.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Bir neçə il bundan qabaq Avropada olarkən avropalı deputatlarla söhbət elədim. Mənə təklif elədilər ki, bəlkə siz hakimiyyəti müxalifətə verəsiniz, onlar daha yaxşı idarə edəcəklər. Onlar da hakim partiyanın nümayəndələri idi. Dedim, bəlkə siz onu eləyəsiniz. Dedilər, yox, o zaman biz fəlakətə düşərik. Dedim ki, yaxşı, siz fəlakətə getmək istəmirsiniz, bəs biz niyə bunu eləməliyik? Niyə hakimiyyəti müxalifətə verməliyik? Dedim ki, Azərbaycan artıq eksperiment üçün poliqon deyil. Birdəfəlik anlayın ki, Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var.
Bilirsiniz, Qərbin tanınmış simalarından birinin demokratiya haqqında gözəl bir kəlamı var: “Demokratiya elə bir prosesdir ki, orada hər kəs istədiyini deyir, amma ancaq onlara deyilənləri həyata keçirir”. Görünür, Avropa Parlamenti məhz bu sözlərə riayət eləyir. Onlara nəsə deyilir və onlar bunu həyata keçirmək istəyirlər.
İndi bir neçə kəlmə qətnamə haqqında demək istəyirəm. İnternetdə səslənən təhqirlərə görə cəzalardan danışım. Avropalılar başa düşməlidirlər ki, Azərbaycan xalqının mədəniyyəti var. Bu mədəniyyətə uyğun olaraq biz ailəmiz, yaxınlarımız haqqında təhqirləri qəbul edə bilmirik. Avropalı, sən bunu qəbul eləmək istəyirsənsə, get, qəbul elə. Biz qəbul eləmək istəmirik. Bu bizim mədəniyyətimizdir və biz bununla fəxr edirik. Bəli, bu gün Azərbaycanda hər kəs tənqid oluna bilər, amma təhqirlərə yol verilə bilməz və biz də bunun keşiyində duracağıq.
Bir məsələyə də – ATƏT-in ofisinin Bakıda statusunun endirilməsinə toxunacağam. Baxın, nə yazılıb. Sonunu oxuyuram: “ATƏT-in gözlənilən tənqidlərini məhdudlaşdırmaq cəhdi kimi görünür.” Bizim bu addımımız...
Sədrlik edən. Xahiş elədim ki, heç kim 5 dəqiqədən artıq çıxış etməsin. İmkan verin, yekunlaşdırsın.
A.Hacıyev. Mən çıxışımı bitirmək istəyirəm. Bilirsiniz, Qərbin tanınmış yazıçısı Mark Tvenin gözəl bir kəlamı var. O deyirdi ki, mənim sizin düşüncənizə və təfəkkürünüzə ümidim var idi. Amma siz ağzınızı açdıqdan sonra o ümidlərə son qoydunuz. Ona görə Avropa Parlamentinə müraciət edirəm. Bəli, bizim sizə ümidimiz var, amma elə qərarlar qəbul eləməyin ki, o ümidlərə son qoyulsun. Çox sağ olun.
Sədrlik edən. Sahibə Qafarova.
S.Qafarova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən həmkarlarımın fikirləri ilə tam razıyam. Sadəcə, bu məsələ ilə bağlı fikirlərimi bölüşməyi özümə borc bilirəm. Çox yaxşı məlumdur ki, bu gün Azərbaycan istər xarici dövlətlərlə, istərsə də beynəlxalq təşkilatlarla kifayət qədər səmərəli və qarşılıqlı maraqlara söykənən mütərəqqi, ədalətli əlaqələr qurubdur. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ölkəmizdə demokratik dəyər və normaların, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox geniş islahatlar reallaşdırılır. Ancaq çox təəssüf olsun ki, bəzən ölkəmizə qarşı qeyri-adekvat, ədalətli olmayan addımların şahidi oluruq.
Avropa Parlamentinin bir neçə gün öncə İlqar Məmmədovun işi adlandırılan qətnaməsi də elə bu qəbildən olan xoşagəlməz hallardandır. Təbii ki, biz bu qətnamənin hər hansı bir hüquqi mahiyyət daşıdığını düşünmürük və bu sənədi Avropa Parlamentinin ümumi mövqeyi kimi qəbul etmək düzgün olmazdı. Əgər qurumun, sadəcə, 750 üzvündən 32 nəfərinin iştirakı ilə bu sənəd qəbul olunubsa, fikrimcə, o, kağız parçasından başqa bir əhəmiyyət daşımır. Bununla belə, fakt faktlığında qalır və düşünürəm ki, bu məsələyə münasibət bildirmək çox vacibdir.
Şübhəsiz ki, Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb olan bu uydurma qətnamə hər şeydən əvvəl Avropa Parlamentinin nüfuzuna və öz üzərinə götürdüyü öhdəliklərə kölgə salır. Bu addımın atılması ölkəmizlə bu təşkilat arasında münasibətlərin səviyyəsinə və ruhuna uyğun olmadığı kimi, həm də təşkilatın özünün də rəhbər tutduğu meyarlarla daban-dabana ziddir.
Hamınıza çox yaxşı məlumdur ki, bu gün Avropa ölkələrində ciddi hüquq pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Məhz bu gün Avropanın bir çox ölkəsində başlanan sosial etiraz dalğaları daha da kəskinləşib. Müxtəlif ziddiyyətlərlə müşayiət olunan etiraz dalğaları çərçivəsində asayiş qoruyucuları ilə vətəndaşlar arasında kəskin qarşıdurmalar baş verməkdə və ciddi tələfatlar qeydə alınmaqdadır.
Çox təəssüf ki, Azərbaycana münasibətdə tələm-tələsik toplantı keçirərək qondarma bir sənəd qəbul etmək ehtiyacı hiss edən həmin parlamentarilər Böyük Britaniya, Almaniya, Portuqaliya, Yunanıstan, İspaniya və ümumiyyətlə, Avrozonaya daxil olan digər ölkələrdə polisin vətəndaşlara qarşı güc tətbiq etməsi, ciddi xəsarət və tələfatların qeydə alınması hallarını, sadəcə, müşahidə etməklə kifayətləndilər. Onda ortalığa bir sual çıxır ki, bu, ikili standart, yanaşma deyilmi?
Bu gün reallıq budur ki, Azərbaycan Avropada torpaqları işğal altında olan yeganə dövlətdir. Ermənistan isə işğalçılıq siyasətini davam etdirən yeganə dövlətdir. Ermənistanda seçkilər ərəfəsində namizədə qarşı sui-qəsd olur, amma Avropa Parlamenti, belə demək mümkünsə, eşitmirəm, duymuram, görmürəm prinsipini həyata keçirir və bu da ikili standartlar prinsipinin çox bariz bir nümunəsidir. Səbəbi də hamımıza çox yaxşı bəllidir. Kimə isə xoş görünmək və onlardan hansı isə formada dəstək almaq bəzi siyasətçilər üçün demokratik dəyərlərdən daha da vacibdir.
Son olaraq demək istərdim ki, biz Azərbaycan dövləti olaraq heç kəsdən güzəşt gözləmirik və heç buna da ehtiyacımız yoxdur. Biz, sadəcə, ədalət istəyirik və hesab edirəm ki, bu ədalət elə Avropa cəmiyyətinə, Avropa ictimaiyyətinin özünə hamıdan çox lazımdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən qətnamənin mahiyyəti ilə bağlı uzun-uzadı danışmaq istəmirəm, çünki qətnamənin başdan-ayağa qərəzli, yalan, böhtan məlumatlarla əhatə olunduğunu görmək çətin deyildir. Yalnız burada bir-iki məsələyə diqqət çəkib fikrimi sizinlə bölüşmək istəyirəm.
Birinci, deyirlər ki, guya 52 QHT məlumat hazırlayıb, veribdir. Yəni mənbə rolunda oynayıbdır. Mən hesab edirəm, bunların hamısı yalandır. Burada Leyla Yunus, onun rəfiqələri, ona uyğun olan şəxslər iştirak edirlər. Onların heç birinin, xüsusilə Leyla Yunusun Azərbaycan millətinə, dövlətinə aidiyyəti yoxdur. Onun işi, gücü yalnız və yalnız Azərbaycan haqqında mənfi fikirləri, olmazın yalanı uydurub ora göndərməkdir. Leyla Yunus onların, necə deyərlər, ruporudur, qrantı ona verirlər, o da yazıb göndərir. Bu gün Azərbaycan dünyanın bir nömrəli ideal ölkəsi olsa, Leyla Yunus yenə bir şey tapıb verəcək. Ona görə də xahiş edirəm ki, bunu belə qəbul edin və kimsə QHT sektorunun adından sui-istifadə etməsin.
İkinci, qeyd olunur ki, İlqar Məmmədov guya prezidentliyə ən böyük, layiqli, nə bilim, ən güclü namizəd idi, onun qarşısını almaq üçün bunu ediblər. Bu da gülməli bir faktdır. İlqar Məmmədov 2012-ci ilin seçkilərində 43 min seçicidən 600 səs toplaya bilməmişdi. İndi necə olur ki, bu, ən real namizəd olur. Bunların digər faktları da bu qədər yalan və cəfəngiyatdır. Ona görə də hesab edirəm ki, buna fikir verməyə ehtiyac yoxdur.
Amma niyə bu ortaya çıxır, nədir bunun səbəbi? Bunun birinci səbəbi odur ki, Avropa Birliyi, Avropa Parlamenti özünün ikili, qərəzli yanaşmasını davam etdirir. Avropa Parlamenti üçün iki mühüm budur ki, müəyyən etdiyi ölkələrə öz çıxarlarına, öz gündəliyinə uyğun olaraq necə yanaşmalı? Burada deyildi, Ermənistanda seçki ərəfəsində nələr baş vermədi. Bir namizədi güllələdilər, digər namizəd aclıq elan etdi. Avropa Parlamenti bir dənə qətnamə qəbul etdimi? ATƏT, digər beynəlxalq təşkilatlar Ermənistandakı seçkiləri ən demokratik seçkilər elan etdilər. Gürcüstanın sabiq baş naziri həbsdədir, bir dənə qətnamə qəbul olunurmu? Bir neçə ay bundan öncə Frankfurtda dinc nümayişi olmazın işgəncə ilə dağıtdılar, bir qətnamə qəbul olundumu? Sonra, burada Avronest PA ilə bağlı deyildi. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Avronesti niyə yaratmısınız, nə mənası var? Əgər Avronestlə əməkdaşlıq etməyəcəksinizsə, onun nə mənası var? Avronest qalıb kənarda, istədiyiniz qərarı, rəyi qəbul edirsiniz. Avropa Birliyinin bu siyasəti nəyə xidmət edir? Bunun heç bir mənası yoxdur. Əgər, doğrudan da, Avropaya inteqrasiya naminə parlament ölçüsü kimi yaranmışdısa, heç bir mənası yoxdur.
Ona görə də mən hesab edirəm ki, biz Avronest Parlament Assambleyasında bu məsələni kəskin qoymalıyıq. Əgər, doğrudan, əməkdaşlıq ediriksə, inteqrasiyadan danışırıqsa, onda gəlin, yaratdığımız quruma hörmət edək.
Bilirsiniz ki, Litva iyulun 1-dən Avropa İttifaqına sədrlik edir. Litva Xarici İşlər Nazirliyindən xahiş etdik ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycana olan bu haqsız münasibətin bölgə üçün mənfi təsiri olacaq. Ümumiyyətlə, bu, Avropaya inteqrasiya məsələsində digər ölkələrin də fəaliyyətinə kölgə salacaqdır.
Burada qeyd olundu, 32 nəfər parlament üzvü qərar qəbul edibdir. Bu, ümumiyyətlə, nə deməkdir? Bilmirəm. Yəqin, hüquqşünaslar buna bir qiymət verərlər. Bu, hüquqi nihilizmdir, yoxsa hüquqi boşluqdur? Bunun adını biz necə “Avropa Parlamentinin qətnaməsi” qoya bilərik? O şəxslərin bir çoxu ilə bağlı bizdə məlumat var, onlar, ümumiyyətlə, Azərbaycana qarşı heç vaxt yaxşı münasibətdə olmayıblar. Onlar bəlli qrupların birbaşa sifarişini yerinə yetirən şəxslərdir. Ona görə də bu məsələ ilə bağlı bizim birbaşa müraciətimiz olmalıdır.
Oqtay müəllim, mən o təklifi dəstəkləyirəm və müraciətdə Azərbaycan parlamentinin bu fikirləri öz əksini tapmalıdır. Eyni zamanda, Valeh müəllim bayaq əməkdaşlıq komitəsinin iclasının baş tutması və ona laqeyd münasibət bəslənməsini dedi. Bu da orada qeyd olunmalıdır. Burada səmimi bir münasibət sərgilənməlidir. Ümumiyyətlə, biz bilməliyik ki, gələcəkdə Avropa Parlamenti, Avropa Birliyi ilə işimizi necə qurmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bütün çıxışlarda bir fikir formalaşır ki, biz gələcəkdə düşünək. Əgər, həqiqətən, belə davam edərsə, Avronest Parlament Assambleyası, eləcə də Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi bizə lazımdırmı? Yəni bu fikirlər yavaş-yavaş formalaşmağa başlayır. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun, cənab Sədr, təşəkkür edirəm. Mən Sizin və deputatların mövqeləri ilə bölüşürəm. Artıq hamımız o qənaətdəyik ki, Avropa evinə türk respublikalarının buraxılması ilə bağlı xüsusi bir qısqanclıq vardır. Bunu Almaniya kanslerinin Türkiyənin Avropa İttifaqına inteqrasiya ilə bağlı dediyi fikir də sübut edir. O bildirirdi ki, bura bir xristian klubudur və Türkiyə kimi ölkənin bura daxil olması bizim üçün qəbulolunmazdır. Ona görə biz daha çox alternativlər haqqında düşünməliyik və o inteqrasiyanı davam etdirməklə yanaşı, ehtiyat variantımız olmalıdır. Türk dövlətləri ilə gözəl bazada bir birlik formalaşdırılıb və bu, bir az da intensivləşməlidir.
İkinci hər hansı bir əməkdaşlıq sonda təhlükəsizliyə xidmət etməlidir. Yəni istənilən Avropa ölkəsi ilə əməkdaşlığın sonunda milli təhlükəsizliyimiz dayanıb. Əgər bizim milli təhlükəsizliyimiz, siyasi maraqlarımız təhdid olunursa, mən hesab edirəm ki, Azərbaycanın müvafiq strukturları bəzi dövlətlərlə iqtisadi münasibətlər quranda mütləq bu amilləri nəzərə almalı və bu yanaşmaya uyğun olaraq iqtisadi layihələrdə onların iştirakına yer verməlidirlər.
Bizim fəaliyyətimizdə də boşluqlar vardır. Mən hesab edirəm ki, Avropa təsisatlarında təmsil olunan nümayəndə heyətlərimizin koordinasiya olunmuş fəaliyyəti yoxdur. İstər Avronest PA-da, istər Avropa Şurasında, istərsə də başqa təsisatlarda olan nümayəndə heyətlərinin birgə iclaslarının keçirilməsinə çox böyük ehtiyac vardır. Xarici İşlər Nazirliyinin əməkdaşları ilə birgə bir çox prioritetləri müəyyənləşdirmək lazımdır. Nümayəndə heyətləri Avropa təsisatlarında iştirak edəndə bəzi hallarda bir az özfəaliyyət göstərmək, öz ağıllarına gələn fikirləri demək məcburiyyətində qalırlar və mərkəzləşdirilmiş şəkildə məsələlərə münasibətdə çox ciddi boşluqlar vardır.
Oqtay müəllim də qeyd etdi, nümayəndə heyətlərimizin o parlamentarilərlə işində də bir zəiflik var. Lap 32 nəfər olsun. Əgər düşmən tərəf onları yığıb bir iş görə bilirsə, bizim işimizin nəticəsi nədən ibarətdir? Bizim 32, 50 nəfərimiz həmin iclaslarda niyə iştirak etmir? Bu çox vacib məsələdir. Biz Avronestin son iclasına gedəndə Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsinə Ukrayna kimi yaxın bir ölkədən cəmi iki dənə imza ala bildik, çox olmadı.
Digər tərəfdən, bəzi sənədlər bizə çox gec çatır və qətnamələrin hazırlanmasında, əlavələrdə bizdə boşluqlar yaranır. Avronestin son iclasında son anda məruzəçi təyin olunurdu. Özü də o iclası erməni aparırdı. Məlum oldu ki, mədəniyyətlərarası dialoqla bağlı bir ölkə üzərinə götürməlidir. Biz seytnotda dərhal onu götürmək məcburiyyətində qaldıq. Yəni bizim gündəlikdən heç xəbərimiz yox idi. Bizə bu cür münasibət varsa, təbii ki, Avropa təsisatlarına iradlarımızı bildirməliyik ki, sənədləri vaxtında göndərin, təkliflərdən, gündəlikdən xəbərimiz olsun və sair. Yəni biz bu boşluqları aradan qaldırmaq məcburiyyətindəyik.
Mən hesab edirəm ki, bizim bu qəbul edəcəyimiz sənəddən əlavə, yaxın zamanlarda İqtisadi İnkişaf Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Avropa təsisatlarında iştirak edən nümayəndə heyətlərinin iştirakı ilə məsələləri koordinasiya edəcək bir formada iclaslar keçirilməlidir ki, biz kənara çıxanda vahid platformadan çıxış etmək imkanları qazanaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən həm hörmətli cənab Sədrimizin, həm də məndən əvvəl danışanların fikirlərinə tamamilə şərik çıxıram və bəzi mülahizələrimi bildirmək istəyirəm. Bu bəyanatın mahiyyəti nədir? Açıq şəkildə millətə söyləmək lazımdır ki, bir çox Avropa strukturları, Avropa dövlətləri güclü, sabit Azərbaycan dövlətinin olmasında maraqlı deyillər. Onlar istəyirlər ki, zəif bir Azərbaycan olsun və təzyiqlər altında Azərbaycanın təbii sərvətlərini, neftini, qazını çəkib aparsınlar, Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycana təzyiqlər etsinlər və istədiklərini alsınlar. Bu bəyanatın geniş anlamda mahiyyəti, ana xətti bundan ibarətdir.
Bunun arxasında adını çəkmək istəmədiyim başqa bir təəşşübkeşliyin də durduğu hamıya aydındır. Buna görə də mən hörmətli cənab Sədrimizin verdiyi təklifə – bəyanatın qəbul edilməsinə tamamilə tərəfdar çıxıram. Hesab edirəm, o bəyanatda aşağıdakı məsələlər öz əksini tapmalıdır.
Bu bəyanat bütövlükdə Avropa Parlamentinə qarşı olmamalıdır. Çox hörmətlə yazılmış bir bəyanat olmalıdır və Avropa Parlamentində normal, sağlam düşünən insanları məhz həmin qərəzli şəxslərə qarşı qaldırmalıdır. Eyni zamanda, göstərilməlidir ki, bu, ədalətli yanaşma deyil, Avropa dəyərlərinə ziddir, Avropa demokratiyası adına bir ləkədir. Bu, hökmən orada vurğulanmalıdır.
Biz başqa nələri edə bilərik, hörmətli cənab Sədr? Mənim fikrimcə, biz həmin 32 nəfər deputatı Azərbaycana dəvət edək, qoy öz gözləri ilə hər şeyi görsünlər. İkinci, axı, Avropa Parlamenti abstrakt bir qrup, bir təşkilat deyil, ayrı-ayrı ölkələrdən ibarətdir. Biz dostluq qruplarımızın fəaliyyətini genişləndirək, təşkilatlarla işləyək və mətbuat nümayəndələrini Azərbaycana dəvət edək.
Mən bir məsələni də vacib hesab edirəm. Avropa strukturları bizə neçə addım atırsa, biz də o qədər məsafə qət edək, öz yerlərini bilsinlər. Başa düşsünlər ki, Azərbaycan müstəqil dövlətdir. Bayaq Valeh müəllim dedi, mən də qeyd etmişdim. Biz bir “böyük qardaşdan” qurtarıb, başqa bir “böyük qardaşı” istəmirik. Azərbaycanda böyük qardaş Azərbaycan xalqıdır, böyük dövlət də Azərbaycan dövlətidir. Kim bizə münasibətdə hansı məsafədədirsə, biz də o məsafədə olmalıyıq.
Gələcəkdə də belə bəyanatlar olacaq. Mənə elə gəlir ki, biz bu bəyanatlara emosiyalarla cavab verməməliyik, çox soyuqqanlı olmalıyıq, çünki Azərbaycanda davamlı, sabit inkişafı bir çox ölkələr istəmirlər. Onların da bir çoxuna erməni lobbisi təsir edir. Təəssüf ki, Azərbaycandakı müəyyən qruplar da onların işinə yarıyırlar. Mən hesab edirəm ki, bu qətnamə demokratiya adına bir ləkədir, Avropa demokratiyasına şübhələr yaradır və ikili standartın ifadəsidir. Azərbaycan parlamentinin və xalqımızın iradəsinin ifadəsi olaraq qəti bir bəyanat verilməlidir. “Belə qətnamələr Azərbaycanı müvafiq addımlar atmağa vadar edə bilər” ifadəsi də orada vurğulanmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz düz söylədiniz, Azərbaycan xalqının nə mədəniyyəti, nə də qabiliyyəti hörmətsiz məktub yazmağa imkan verər. Biz hörmətlə, səviyyəli məktub yazacağıq, bu aydındır.
O ki qaldı 32 nəfər deputatı Azərbaycana dəvət etmək məsələsinə, mən hamınıza bir dənə sual verim. Deyin görüm, Azərbaycana səfər edən Avropa deputatları hansı ölkədə o sayda olublar? Hamısı “bəh-bəh” edib gediblər, xeyri nədir? Bir dirijor çubuğu var, o, hərəkətə gələndə hər şey yaddan çıxır. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, dünən Ümumdünya Qaçqınlar günü idi. Dünya əhalisinin 135 nəfərindən biri bu gün qaçqın və köçkündür. Nə qədər ağrılı olsa da, qeyd etməliyəm ki, çox təəssüf ki, Azərbaycanın 8–9 nəfərindən biri qaçqın və köçkün vəziyyətindədir. Məni hiddətləndirən bu sənədin qeyri-ciddi və sözün əsl mənasında qərəzli yazılmış olmasıdır. Mən tam məsuliyyətimlə bunu qeyri-ciddi sənəd adlandırıram. Çünki Avropa Parlamentinin üzvlərinin sayına nisbətdə burada barmaq qaldıranlar gülünc bir rəqəm təşkil edirlər.
Təsəvvür edin ki, bu qədər qaçqını olan, bu qədər haqsızlıqlarla üzbəüz qalan bir respublika haqqında bu qurum bir dənə də sənəd qəbul etməyib. Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi qəbul olunub, ATƏT-də dəfələrlə bu haqda söhbət gedib, Avropa Şurasının sənədləri var, amma bunların heç biri ciddi qəbul olunmayıb və icra edilməyib.
Oqtay müəllim, mən bu məsələyə bir az başqa cür yanaşmaq istəyirəm. Vallah, mən başa düşə bilmirəm, o cür ciddi sənədlər bu günə qədər icra olunmayıbsa, onlara münasibət bildirilməyibsə, nədən biz bu qədər narahat olmuşuq ki, 32 nəfər barmaq qaldırıb bizim haqqımızda nə isə söz deyib?
Mən bunu təhlil etmişəm. Burada 9 müddəa var. Bizə 9 irad tutulubdur, onun bir neçəsini müqayisə etmək istəyirəm. Məsələn, deyirlər ki, aksiyalarda polisin güc tətbiqinə son qoyulsun. Başqa telekanalları demirəm, “Evronyus” kanalına hər gün baxın, görün, orada qanına qəltan olan nə qədər mitinq iştirakçısı var. Nə qədər adama zor tətbiq edirlər. Bu gün bizi kimlə müqayisə edirlər? Bizi nə sayırlar, mən başa düşə bilmirəm. Bax, bunlar utanmadan bunu bizə tövsiyə edirlər. Bütün dünya görür, Braziliyada, dünyanın başqa yerlərində baş verən hadisələr var. Ədalətsizliyin əndazəsi yoxdur, guya bizdə söz azadlığı boğulur. Buyursunlar, baxsınlar, qəzetlərimiz, saytlarımız göz qabağındadır. Dünya görür ki, vəziyyət nə yerdədir.
Bir məsələni də demək istəyirəm. Bizə göstəriş verirlər ki, həbs olunan bütün jurnalistlər, siyasətçilər, blokçular və gənclər dərhal azad olunsunlar. Sənin nə ixtiyarın var ki, mənə belə bir göstəriş verəsən? Sən kimsən? Hüquqi dövlət yaratmışıq, müstəqil dövlətik, dövlətin də qanunları var. Sən ultimatum şəklində deyəsən ki, hamısı azad olunmalıdır – buna sənin haqqın yoxdur.
Mən heç istəmirəm ki, burada İlqar Məmmədovun adını hallandıraq. Bu adamın səviyyəsi, mərifəti mətbuatdan bəllidir. Yanvar ayının əvvəllərində Milli Məclis haqqında bir neçə dəfə təhqiramiz fikirlər səsləndirdi. Oqtay müəllim, istəyirəm, bir az Sizə içimdən gələn iradımı deyim. O vaxt Siz imkan vermədiniz ki, onu tutduraq. Ərizə yığmışdıq, biz deputatlar istəyirdik, onu tutduraq. Bu boyda parlamenti o adam təhqir etdi, biz üstündən keçdik. Dedik, yazıqdır, dəyməyək.
Sədrlik edən. Tutdurmaq yox, məhkəməyə vermək deyərlər.
H.Rəcəbli. Tutulmalı idi. Necə olur axı, bizi təhqir etdi, ağzına gələni dedi. İndi mən bir söz deyəcəyəm, kim nə cür qəbul edir, etsin. Sən demə, bu, agent imiş. Xarici kəşfiyyata işləyən adam imiş. Ölkədə tanınmayan bir adamı bu gün Avropa Şurası başlığa çıxarıb. Bu necə olur? Bunun işi münaqişə yaratmaq, xalqı qarşı-qarşıya qoymaq, ölkə daxilində kəskin problemlər yaratmaqdır.
Oqtay müəllim, mənim çıxardığım məntiqi nəticə nədir? Ölkəmiz demokratik yolla gedir, özümüzə məxsus, möhtərəm Prezidentimizin seçdiyi, tutduğu yoldur. Biz bu yola sadiqik.
Oqtay müəllim, mən istəyirəm, bir neçə rəqəm deyəm. Parlamentin Avropaya, beynəlxalq təşkilatlara inteqrasiyası Siz Milli Məclisin Sədri olandan sonra, yalan olmasın, bir 10 dəfə artıb. Getmişik də, gəlmişik də. Nə qədər iş görsək də, bunlar bunu bilən deyillər. Biz bunu başa düşməliyik. Mən bu nəticəyə gəlirəm ki, buna ciddi bir münasibət bildirmək də lazım deyil, üstündən keçməliyik. Biz öz yolumuzla gedək, demokratik cəmiyyət quraq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Bu bizi narahat etmir. Bildirirlər ki, siz düzgün qərar qəbul etməmisiniz. Bunlar qətnamə qəbul edirlər, biz də qərar qəbul edirik. Yaxşı, bunların Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad olunması ilə bağlı qətnamələri var idi. Nə oldu? Avropa İttifaqı, Avropa Şurasının Parlament Assambleyası bunu yerinə yetirdi? Avropa Parlamentinin bizə heç bir xeyri yoxdur ki, bizə göstəriş də versin. Biz onun tövsiyəsinə cavab veririk. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışıma sosial şəbəkədən izlədiyim xoş bir xəbərlə başlamaq istəyirəm. ATƏT-in Parlament Assambleyasının mətbuat xidməti 17 iyunda Kopenhagendən bir pres-reliz yayıbdır. Azərbaycanın Parlament Assambleyasındakı üzvü, deputat həmkarımız hörmətli Azay Quliyevin ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının güclənməsi haqqında qətnamə layihəsi çox yüksək dəstək qazanaraq növbəti sessiyada müzakirəyə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Bu çox ciddi bir addımdır. Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı qətnamənin qəbul olunması o deməkdir ki, işləyəndə, müəyyən bir ciddi fəaliyyət ortaya qoyanda onun nəticəsi də ortaya çıxır.
Müzakirə etdiyimiz məsələyə gəldikdə isə bütün hallarda o fikirdəyəm ki, bunun kiminsə tələbi, yaxud da çağırışı olub-olmamasından asılı olmayaraq insan haqları sahəsində ciddi problemlərin ortadan qaldırılması üçün daxildə səylərimizi artırmalıyıq və həbs olunan insanların böyük əksəriyyəti azadlığa çıxmalıdır.
Mən bunu niyə əsaslandırıram. Məsələn, İlqar Məmmədovun parlamenti təhqir etməsi və başqa məsələlərlə bağlı münasibətimi bildirmişəm, amma Qarabağ savaşının ən fədakar iştirakçılarından biri Tofiq Yaqublu həbs olunub. Belə nüansları nəzərə almadıqca, həqiqətən, bu problemlər bundan sonra da qalacaqdır.
Söhbət Avropa Parlamentinin qətnaməsindən getmir. Təbii ki, qərəzlidir. Təkcə Azərbaycana qarşı deyil. Türkiyəyə münasibətdə də Gezi parkı olayları ilə bağlı qətnamə qəbul etdilər. Hələ proses başa çatmayıb, polis öz vəzifəsini yerinə yetirib, ölkədə iğtişaşın qarşısını alıb, Türkiyə hökumətinə deyirlər ki, niyə iğtişaşın qarşısını almısan? Əl-qolunu yanına salıb gözləyərdin ki, səni gəlib devirsinlər. Yəni belə absurd, axmaq, bir az da əsaslandırılmamış mövqeləri artıq qərəzli kimi qiymətləndirməkdən başqa bir yol qalmır.
Azərbaycana da münasibət elədir. Söhbət 32 nəfərdən getmir. Onlar ayrı-ayrı qrupların təmsilçiləridir. Özümüz də bir araşdıraq, görək, o qruplarda neçə təmsilçimiz var? Yeni Azərbaycan Partiyası əməkdaşlıq edir, formal bir əməkdaşlıq imkanı yaranıbdır. Bu, müsbət bir haldır. Qalan partiyaların heç biri orada iştirak etmir. Müraciət edəndə deyirlər ki, bir nəfərdən ibarət partiyalardır, bura sizi niyə götürək? Yəni yerində, süfrə başında olmalısan ki, söz deyə biləsən, qoşula biləsən.
Biz bu problemləri həll etməliyik. Avropa məkanında bu qurumların içində parlamentdə təmsil olunan müxalifət partiyaları iştirak etməlidirlər ki, ən azı nəyəsə etiraz edə bilsinlər. Özümüzün etmədiyimiz məsələləri diqqətə almayaraq sonda deyirik ki, Avronest ləğv olunmalıdır, Avropa Şurası mənasız bir qurumdur, oradan çıxmalıyıq, NATO-dan çıxmalıyıq. Bu problemi həll etmək mümkündürsə, elə Siyavuş Novruzov 10 ildir, NATO-nun Parlament Assambleyasının sessiyasına gedir, NATO-nun bir diviziyasını gətirsin, Qarabağ problemini həll etsin də. Bunu etmək asandır?
Yaxud MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətimiz iştirak edir. Rusiyanı başa salsınlar ki, Qarabağ məsələsində geri çəkilsin. Bunu etmək mümkündürmü? Ona görə də hər hansı bir qurumdan çıxmağımız, uzaqlaşmağımız problemin həlli demək deyil. Əksinə, orada bizə təklif olunan şərtlər daxilində daha səmərəli iştirakçılıq formalarını tapmalıyıq.
Mən sizə bir nümunə deyim. Xarici İşlər Nazirliyindən bir çox məsələlərlə bağlı sənədləri ala bilmirsən, sənədin əsaslandırılmasını vaxtında yazıb göndərə bilmirlər. Xarici İşlər Nazirliyində problem var idi, bir məsələni araşdırmalıydım. 2 gün bütün telefonlara zəng vurdum, bir nəfər adamla danışa bilmədim. Söhbət ondan gedir ki, bəzi funksional təşkilatlar, qurumlar öz fəaliyyətlərini normal tənzimləyə bilmirlər. Ona görə də bu kimi məsələlərdə, məncə, biz daha dərindən inteqrasiya barədə düşünməliyik. Təbii ki, Avropa İttifaqının qərəzli mövqeyini Oqtay müəllim çox doğru qeyd etdi. Qarabağla bağlı verdiyiniz qətnaməni icra edin, biz də bunları buraxaq, nə deyirsiniz, ona əməl edək. Siz Qarabağla bağlı bir dənə qətnamənin icrasına sərt formada mövqe ortaya qoymamısınız, indi də ardınca bu tələbləri qoyanda səmimiyyətiniz çatmır. Bəlkə bir az da obyektiv görünsəydiniz, Azərbaycanda da qeyd olunardı ki, həqiqətən, siz insan haqlarını müdafiə edirsiniz.
Mən sonda Novella Cəfəroğluna qarşı olan hücumları da pisləyirəm. Hesab edirəm ki, bu dözümsüzlük Azərbaycan cəmiyyəti üçün çox ciddi fəlakətlər ortaya qoya bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yaxşı bir fikir söylədin, Fazil müəllim. Deyirsən ki, partiya qruplarına girək. Partiya rəhbəri deyilsən? Burada neçə partiya qrupu var? Niyə Avropa Parlamentində bizim bir dənə partiyamız hərəkət edir? YAP-dan başqa hərəkət edən yoxdur. Ermənilərin 5 dənə partiyası artıq Avropa Parlamentinin qurumlarındadır. Hamıya irad tutanda özümüzə də tutaq. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən məsələyə münasibətimi bildirməzdən əvvəl məndən öncə çıxış edən Fazil Mustafanın tənqidi ruhdakı çıxışına ötəri bir münasibət bildirmək istəyirəm. Xüsusilə onun tutulanları buraxdırmaq tezisinin düzgün olmadığını, qüsurlu olduğunu nəzərinə çatdırmaq istəyirəm. Tutulanların hamısını buraxsaq, onda, yəqin ki, biz ədalətsiz bir mövqe sərgiləmiş olarıq. Cəza çəkən və hüquq mühafizə orqanları ilə qarşı-qarşıya durmuş insanlar, yəqin ki, əməllərində nəyəsə yol veriblər ki, onlara qarşı hüquqi yollarla müəyyən məhdudiyyətləşdirici sanksiyalar tətbiq edilib. O cümlədən də müzakirə etdiyimiz Avropa Parlamentinin sənədində adı keçən İlqar Məmmədov haqqında tətbiq olunan sanksiya onun əməllərindəki qeyri-hüquqi cəhətlərlə əlaqədardır.
Burada hamı bilir ki, İsmayıllı hadisələri baş verəndə orada olmuşam, oradakı vəziyyəti bilirəm və eyni zamanda, bir sıra müxalifətçinin baş verən hadisələri iğtişaşlar törətmək istiqamətinə yönəltmək cəhdlərinin şahidiyəm. Onların əməllərində ciddi şəkildə hüquq pozuntularının olması ilə əlaqədar onlara qarşı sanksiyalar tətbiq edilibdir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, bu qətnamə hüquqi cəhətdən qüsurludur. Bunu mən birinci onda görürəm ki, Azərbaycan Avropa İttifaqında, o cümlədən də Avropa Parlamentində təmsil olunmadığına görə Avropa Parlamentinin Azərbaycana qarşı belə bir qətnamə qəbul etməsi, əslində, hüquqi cəhətdən kobud bir yanaşmadır.
İkincisi, burada səsləndirilən fikri mən də dəstəkləyirəm. Avropa Parlamentində təmsil olunan 754 nəfərdən cəmisi 32 nəfərin qəbul etdiyi qətnamə, belə hesab edirəm ki, kiçik bir qrupun mənafeyini ifadə edən sənəd olduğuna görə bütövlükdə Avropa Parlamentinin qətnaməsi kimi, yəqin ki, hüquqi cəhətdən təqdim olunmamalıdır. Baxmayaraq ki, onların prosedur qaydalarına görə, çox az sayda insan belə qətnamələr qəbul edə bilər. Görünür ki, bu elə Avropa Parlamentinin fəaliyyətinin prosedur qüsurlarından biridir.
Nəhayət, bu qətnamənin İlqar Məmmədova işarələnməsinə baxmayaraq, çoxlu sayda digər məsələlərin də buraya qarışdırılması sənədin hüquqi qüsurlarından biridir. Siyasi cəhətdən bu, qərəzlidir, çünki Azərbaycana qarşı çevrilib. Obyektiv deyil, qeyri-obyektivdir, Azərbaycanın reallıqlarını məqsədli şəkildə təhrif etmək əsasında tərtib edilibdir. Bu mənada, hesab edirəm, hazırlayacağımız sənəddə bunu da qeyd etməliyik.
Nəhayət, diplomatik ton baxımından bunun qəbul edilməzliyini də ayrıca vurğulamaq istəyirəm. Müstəqil bir dövlətə qarşı ciddi bir Avropa təşkilatı adından belə bir tonda sənəd hazırlanması, əlbəttə ki, qəbulolunmazdır. Güman edirəm ki, Azərbaycan vətəndaşları da ölkəmizə qarşı qəbul olunan bu sənədin tonuna birmənalı şəkildə etirazlarını bildirirlər.
Oqtay müəllim, mən təklif edərdim ki, bizim qəbul edəcəyimiz sənəddə bəzi tövsiyələr də öz əksini tapsın. Biz Avropa Parlamentinə tövsiyə edək ki, əgər Azərbaycanda bir insanın guya “hüquqlarının” pozulmasına bu qədər həssaslıqla yanaşan təşkilat bayaq burada səsləndirilən fikrə 1 milyon 200 min qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə münasibət bildirmək istəyərmi? Bütövlükdə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına real bir köməklik göstərmək istədiklərinə, Xocalı faciəsinə və Xocalı faciəsini törədən insanlara münasibətlərini bildirmək istəyirlərmi? Haqsızlıqlara, sadə insanların hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı öz münasibətlərini ifadə etmək istəyirlərmi? Əgər münasibətlərini ifadə etmək istəmirlərsə, onda 1 nəfərin guya hüquqlarının pozulmasına bu qədər həssaslıq göstərmələrinə nə dərəcədə mənəvi haqları var? Hesab edirəm ki, bu məsələ də həllini tapmalıdır.
Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməkdədir, edir və bu bizim seçdiyimiz yoldur. Amma elə etmək lazımdır ki, bu yolun qarşısına maneələr çəkilməsin. Xüsusilə belə bir sənədin İlham Əliyevin Brüsselə səfəri ərəfəsində qəbul olunması bütövlükdə Azərbaycan–Avropa İttifaqı dostluğunun, əməkdaşlığının pozulmasına xidmət edən bir addımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tövsiyələr yaxşıdır, amma nə desək, deyəcək ki, qəbul etmişik. Xeyri var? Qətnamə qəbul ediblər, sonra?
Artıq 12 nəfər çıxış etdi. 1 nəfər də çıxış etsin, yekunlaşdıraq. Artıq 1 saat 20 dəqiqədir müzakirə edirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin heç soyadın burada yoxdur, İqbal.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə təkid edirəm? Sən hələ 20 nəfərdən sonrasan. Əli Hüseynli.
F.Ağamalı. Əli müəllim yerində yoxdur, üzrlü hesab edin. O olmadığına görə mən fürsətdən istifadə edib öz fikirlərimi hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm.
Xatırlatmaq istəyirəm ki, bu, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli münasibətinin yeganə ifadəsi deyil. Bundan öncə də Avropa parlamenti dəfələrlə ən ciddi situasiyalarda, Azərbaycanın uğurlara imza atdığı anlarda buna bənzər qətnamələr qəbul edib. Bu qətnamə də növbəti iftiranın, qərəzin, böhtanın bir formasıdır. Başdan ayağa siyasi konyunkturaya söykənən bir sənəddir.
Azərbaycan öz yolu ilə gedir. Avropa parlamentinin bu və buna bənzər qətnamələri Azərbaycanı heç zaman tutmuş olduğu yoldan döndərə bilməyəcəkdir. Bu yol Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarına xidmət edən yoldur. Bu yolun əsasını ulu öndərimiz qoyub. Bu gün də bu yol uğurla davam etdirilir və Azərbaycan təkcə Avropanın deyil, dünyanın demokratik dəyərlərinin Azərbaycanda bərqərar olması üçün prinsipial mövqe nümayiş etdirir.
Qətnamənin mahiyyətində nə dayanır? Qətnamənin mahiyyətində Azərbaycanda qarşıdan gələn Prezident seçkilərinə ciddi şəkildə mane olmaq, bu və ya digər şəkildə həmin proseslərdə müxalifətin rolunu gücləndirmək, olmayan müxalifətə yeni nəfəs vermək və beləliklə, Azərbaycanın müstəqil siyasətini həyata keçirən ölkə Prezidentinə bu və ya digər şəkildə mane olmaq cəhdləri dayanır.
Görünən nədir? Bu gün Azərbaycanın müstəqil siyasətinə qarşı ən müxtəlif şəkildə ciddi müqavimət, ciddi təhdidlər var. Əlbəttə ki, ayrı-ayrı dövlətlərin Azərbaycanın maraqlarına uyğun gəlməyən maraqlarının Azərbaycanda reallaşmasına imkan verilmədiyinə görə bu cür qətnamələr ortaya çıxır.
Kimdir İlqar Məmmədov? Azərbaycanda heç bir sosial dayağı olmayan, siyasi yük daşımayan adi bir vətəndaş. Bunu bu dərəcədə qəhrəmana çevirməyin arxasında xoşagəlməz nüanslar durur. Bu, uzun illərdən bəri yalan məlumatları Azərbaycandan Avropaya ötürən və bütövlükdə ermənilərə xidmət edən Leyla Yunusovanın və rəfiqələrinin dosyesi əsasında yazılmış olan bir qətnamədir.
Baxın, burada qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinin məhdudlaşdırılması ilə bağlı Azərbaycan parlamentinin qəbul etdiyi qərara irad tutulur. Ona görə ki, biz bu qərarla, əslində, bir sıra Azərbaycan QHT-lərinin Avropada Azərbaycana düşmən olan qüvvələr tərəfindən maliyyələşdirilməsinin qarşısını aldıq. Ona görə də onlar tərəfindən bu cür münasibət ifadə olunur. Yaxud Azərbaycan parlamentinin kütləvi toplaşma ilə bağlı qəbul etmiş olduğu qanunu sərt forma kimi təqdim edirlər. Burada deyildi, Avropada baş verən iğtişaşlarda polisin malik olduğu bütün imkanlardan istifadə edilir və insanların qanı axıdılır. Nədən onlara qarşı bu cür qətnamələr qəbul olunmur? Bu yaxınlarda Ərdoğanın bir fikri çox ibrətamiz oldu. O söylədi ki, Yunanıstanda insanların qanı axıdılanda Avropa İttifaqı Yunanıstana milyardlarla avro verdi, bizə isə bu cür qətnamələr təqdim olunur. Bu cürdür münasibət!
Mən düşünürəm ki, Avropa İttifaqının bu və buna bənzər qətnamələri Azərbaycanda siyasi sabitliyi pozmağa, destruktiv qüvvələri hərəkətə gətirməyə hesablanmış növbəti təxribat xarakterli qarayaxmadan başqa bir şey deyil. Ona görə də bizim qəbul edəcəyimiz bəyanatda bu fikirlər daha kəskin şəkildə qoyulmalı və Oqtay müəllimin dediyi kimi, Avropa institutları ilə Azərbaycanın münasibətləri məsələsi də burada öz əksini tapmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Belə getsə, biz bütün günü bu məsələni müzakirə etməliyik. Məncə, ümumi fikir aydındır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal müəllim, sən özün gec gəlmisən, tez gələndə düyməni hamıdan tez sıxırsan. Mən hesab edirəm, müzakirələri yekunlaşdırmaq lazımdır. Etiraz edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, iki nəfərə də söz verək. İki nəfər danışır və bununla bitir. Mən daha heç kimə söz verməyəcəyəm. Fəzail İbrahimlinin adı birinci yazılmışdı, pozuldu. Fəzail İbrahimli buyursun.
F.İbrahimli. Təşəkkür edirəm, Oqtay müəllim. Burada səslənən fikirlər, mülahizələr məndə belə bir qənaət yaradır ki, bu hər hansı bir zaman kəsiyində baş verən hadisə deyil, Azərbaycana qarşı ümumi strateji kursun müəyyən məqamda bu sənəd formasında reallaşmasıdır.
Dünya dövlətlərinin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər iki formada həyata keçirilir. Dilimizə, dinimizə, mədəniyyətimizə, tariximizə böyük hücumlar var. Eyni zamanda, açıq formada siyasi qərarlar vasitəsilə Azərbaycana təzyiqlər var.
Bu gün ən diqqət çəkən məsələlərdən biri odur ki, bizim Şah İsmayıl Xətai divana çəkilir. XVI əsrdə Amerika kotanın nə olduğunu bilməyəndə Azərbaycan öz dövlətçiliyi ilə qürur duyurdu. Bu gün o dövlətçiliyi gözdən salmaq üçün cəhdlər edilir, Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərində qüsur və nöqsanlar axtarılır. Bunlar hamısı bizim tariximizə olan hücumlardır.
Amma eyni zamanda bizə qarşı siyasi hücumlar, siyasi təpkilər də var. Bu siyasi təpkilərdən biri məhz Avropa Parlamentinin qəbul etdiyi bu qərardır. Məsələyə zahiri baxanda belə görünə bilər ki, Avropa Parlamentinin Azərbaycan insanına ürəyi yanan 30 üzvü Azərbaycan insanı haqqında düşünüb, bu düşüncələrin məhsulu olaraq belə bir qərar meydana gəlib. Doğrudanmı, bu belədir? Doğrudanmı, bunların qəlbində Azərbaycan insanına sevgi var? Amma gəlin biz fərdlər haqqında olan bu qərarın əks tərəfinə fikir verək. Neçə illərdən bəri bir milyon qaçqınımızın taley haqqında bir dəfə belə düşünməyənlər niyə indi Azərbaycan insanına qarşı birdən belə sevgi sahibi oldular?
Çox maraqlı cəhətlərdən biri odur ki, 2 yaşında ikən anasının qucağında qaçqın, köçkün həyatı yaşayan və ömrünə, tərcümeyihalına qaçqınlıq taleyi yazılmış insanlar indi 22–25 yaşında qələm sahibidir, jurnalistdir. Bunlar da Avropa Parlamentinin bu xarakterli qərarına uyur, düşünür, bu, Azərbaycan sevgisidir. Sən necə bunu bəyənə bilərsən? Axı sənin taleyinə qaçqınlıq, köçkünlük həyatının yazılmasına rəvac verən dövlətlər məhz elə bunlardır.
Əlbəttə, heç kim istəməz ki, insan həbs olunsun, həbsxanada yatsın. Bu məsələlər qanunların aliliyi müstəvisində həll olunmalıdır. Heç kim sevinmir ki, kimlərsə həbs olunub. Ancaq bu həbs olunanlar haqqında o düşüncələrin nə qədər səmimiliyi var? Bax bu, sual doğurur. Adam öldürüb, cinayət işlədib, gedib həbsxanada yatanlar üçün az qala komfort şərait tələb edirlər. 20 il qaçqın həyatı yaşayan, ev-ocağından didərgin düşən insanların biri haqqında düşünmürlər. Bax, təzad budur. Çünki o biri tərəfin əgər haqqında düşünsələr, orada bir demokratiya var, orada insan haqları haqqında düşüncələr var. Bu biri tərəfdə isə məkr var, qəsd var, qərəz var, Azərbaycana təzyiq var. Forma bu cür seçilib. Bu, demokratiyanın carçısı rolunda çıxış edənlərin demokratiya bayrağı altında yürütdükləri mürtəce ideyalardır.
1913-cü ildə Balkanlarda müsəlmanlara qarşı vəhşilik törədildi. Əhmədbəy Ağayev həmin il bir məqalə yazdı – “Balkan vəhşiliyi və rus mətbuatı”. O yazırdı, bizim hamımızın ehtiyac duyduğumuz insan haqları, demokratiya, humanizm Balkan hadisələrindən sonra mahiyyətini dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş. 100 il bundan əvvəl deyilən o söz bu gün də aktual və təbii səslənir.
Ona görə mən də bu deyilənlərə qoşuluram. Bircə onu bilirəm ki, əgər Avropa Parlamentinin o üzvlərinin Azərbaycan insanları haqqında humanist düşüncələri olsaydı, ilk növbədə bizim yüz minlərlə qaçqın və köçkünümüzün ən ümdə insan haqları haqqında düşünərdilər. Dövlətimizin hüququ pozulub, 20 faiz torpağı işğal olunub. Niyə bu haqda düşünülmür?
Sədrlik edən. Sağ olun. Yaqub müəllim, buyurun.
Y.Mahmudov. Hörmətli cənab Sədr, məni, əslində, bu gün danışmağa vadar eləyən Sizin təklifinizlə bu məsələnin gündəliyə daxil edilməsi oldu. Mən bu mövqeyi alqışlayır və hesab edirəm ki, bizim parlamentin bu istiqamətdə işini bundan sonra daha da dərinləşdirmək lazımdır.
Çox sadə demək istəyirəm, biz “səni sevəcəyəm sən sevməsən də” fəlsəfəsindən uzaqlaşmalıyıq. Azərbaycan müstəqil dövlətdir, nə Avropada, nə də Amerikada heç kəsin haqqına yazılmayıb ki, Azərbaycanın daxili işlərinə qarışsın, onu müzakirə mövzusu eləsin və Azərbaycanın içərisində bir qarışıqlıq salmaq üçün bunlardan istifadə eləsin.
Bizim hamımıza aydındır, burada söhbət bir nəfərdən – İlqar Məmmədovdan getmir. Söhbət bundan gedir ki, Azərbaycan Prezident seçkiləri ərəfəsindədir və Azərbaycanın içərisində bir qarışıqlıq salmaq lazımdır. Ona görə də mən Sizinlə başlayan bu çıxışların hamısına qoşuluram. Təklif edirəm ki, biz ancaq bu 32 nəfərin adını tutmayaq və o qərarı da elə bütövlükdə Avropa Parlamentinin qərarı hesab edək.
Mənim fikrimcə, bu, Azərbaycana qarşı bütövlükdə bir siyasi əxlaqsızlıqdır. Buna Avropa Parlamentinin heç bir haqqı yoxdur. Bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Bu bir ölkənin daxili işlərinə qarışmaqdır və qərəzli münasibətdir.
Bu baxımdan biz burada çox açıq və sərt şəkildə bəyanat verməliyik. Bəyanatın mahiyyəti bundan ibarət olmalıdır ki, cənablar, siz Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü ilə əlaqədar hansı qərarlarınızın yerinə yetirilməsinə təkid eləmiş, nə kimi tədbirlər görmüsünüz? Xocalı soyqırımını törədən cani bu gün Ermənistana başçılıq eləyir, Ermənistanın Prezidentidir. Siz bununla maraqlanırsınızmı? Buna münasibətiniz nədən ibarətdir? Bu gün Avropanın göbəyində Şərqdən olanlar, türklər, ərəblər təqib olunurlar. Buna münasibət bildirirsinizmi?
Mən arzu edirəm ki, bu məsələlər də bizim bəyanatda əks etdirilsin. Avropada bu gün böyük bir toplumun müqəddəs kitabı Qurana əl qaldırılır, islamın peyğəmbəri ələ salınır. Biz isə Azərbaycanın mərkəzində bir neçə min katolikdən ötrü təzə bir kilsə də tikdiririk. Azərbaycanda Avropanın hansı dini kitablarına əl qaldırılıb, hansı kilsəyə hücum olunub, hansı vətəndaşımız Avropanın, xristian dünyasının müqəddəslərinə əl qaldırıb?
Ona görə də biz buna çox qəti münasibət bildirməliyik. Təklif eləyirik, həmin Avropa parlamentləri xaç müharibələrini gündəliyə salsınlar. Xaç müharibələrində tökülən qanların hamısına görə islam Şərqindən, Azərbaycandan üzr istəsinlər. Böyük coğrafi kəşflər zamanı, demək olar ki, Şərq ölkələrinin hamısını viran edib, xalqları bir-birinə qarşı qoyublar. Bunun üzrünü istəsinlər. İki dünya müharibəsi Avropada başlayıb. Faşizmin vətəni Avropadır. Bütün bunlara görə Avropada bunlar üzr istəməlidirlər. Amerikada hindulardan üzr istədilər. Avropada törədilən bütün vəhşiliklərə görə dünyadan üzr istəməlidir.
Bizim isə üzümüz ağdır. Biz bütün bunlara baxmayaraq, öz sərvətlərimizi Avropaya verir, onun ərzaq təhlükəsizliyində, enerji təhlükəsizliyində, beynəlxalq terrora qarşı alyansda iştirak edirik. Biz Avropadan ötrü, Avropa Şurasından ötrü daha nə etməliyik? Türkiyə Avropa Birliyindən ötrü nələr eləmədi. Bu gün də Türkiyəni Avropa Birliyinə qəbul eləməyiblər. Yunanıstan hadisələrinə baxın. İstəyirlər, Türkiyə içəridən dağıdılsın.
Bu gün Azərbaycana qarşı da eyni siyasəti yeritmək istəyirlər. Biz buna, bu siyasətə nifrət edirik. Təkcə Avropa Şurasının, Avropa Birliyinin, Avropa Parlamentinin yox, heç bir qurumun mənim ölkəmin haqqını tapdalamağa haqqı yoxdur. Biz buna sərt mövqeyimizi bildirməliyik.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal müəllim, səndən qabaq 27 adam var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamı təkid eləyir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məndən şikayət eləyərsən, elə. Bir saat yarımdır biz bunu müzakirə edirik. Mən hesab edirəm, bəsdir.
Ümumiyyətlə, dünyada belə bir qayda var. Deyirlər, ömürlük dost yoxdur, ömürlük maraqlar var. Azərbaycan özünə hər yerdə dost axtarır, amma çoxları ona daha çox maraq prizmasından baxırlar. Bu hamımıza aydındır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Olmadı axı. Mən indiyə kimi sənin səsini kəsməmişəm. Niyə belə edirsən? Nizamnamə var, get İntizam komissiyasına şikayət elə. Bir-birimizə hörmət eləyək.
Keçirik gündəliyin növbəti məsələsinə. “Azərbaycan–Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Azərbaycan–Rusiya münasibətləri həm Azərbaycan, həm də Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən münasibətlərdir. Bir neçə müddət bundan əvvəl Azərbaycan ilə Rusiya arasında sərhədlərin demarkasiyası ilə bağlı sazişlər, qərarlar qəbul olunmuşdur. Təbii ki, sərhədlərin demarkasiyası hansısa bir sənədlə çox asan həyata keçirilən proses deyil. Ona görə bununla əlaqədar xüsusi bir komissiyanın yaradılmasına çox böyük ehtiyac var. Bu komissiya iki ölkə arasında demarkasiya ilə bağlı yaranmış problemlərin müzakirəsi, ölkələrin maraqlarının nəzərə alınması və sair bu kimi məsələlərin həlli üçün yaradılır. Bu komissiyanın yaradılması həm diplomatik, həm iqtisadi, həm də mədəni sahələrdə işin düzgün aparılmasına çox böyük köməklik göstərər. Ona görə bizim komitə bu məsələyə diqqətlə baxaraq onun bu gün parlamentdə qəbul olunmasının tərəfdarı olduğunu bildirmişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Biz indi vaxtımızın təxminən bir saat yarımını Avropa Parlamentinin qəbul etdiyi qərəzli bir sənədin müzakirəsinə həsr etdik. Mən isə bu saat həmkarlarımın diqqətinə “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannaməni təqdim edirəm. Bu bir də ona dəlalət edir ki, Avropa Parlamentində, yaxud hansısa başqa qurumlarda Azərbaycanın avrointeqrasiya prosesinə müdaxilə etmək, onun qarşısını almaq, ona əngəllər yaratmaq cəhdləri keçməyəcək. Azərbaycan Avropa ilə münasibətləri Azərbaycan Respublikası Prezidentinin xarici siyasət fəlsəfəsi çərçivəsində çox yüksək səviyyədə təşkil edir. Mən də məhz o fəlsəfədən irəli gələn növbəti bir bəyannaməni həmkarlarıma təqdim edirəm.
Bu, Avstriyanın və Azərbaycanın maraqlarında olan, iqtisadi mövqeləri yaxınlaşdıran və ən əsası ikitərəfli siyasi məsələləri yeni müstəviyə yüksəldən bir bəyannamədir. Nəzərə alsaq ki, bu bəyannamənin qəbul olunması Avstriya–Azərbaycan və o cümlədən Avropa–Azərbaycan münasibətlərinə müsbət təsir göstərir, bu gün məhz belə bir aparıcı Avropa ölkəsi ilə dostluq və tərəfdaşlıq haqqında bəyannaməyə səs vermək bundan əvvəl müzakirə etdiyimiz qərəzli sənədə bizim bir cavabımız kimi də qəbul edilə bilər. Təbii ki, bizim komitə bu bəyannamənin qəbul olunmasının tərəfdarıdır. Mən həmkarlarımdan xahiş edirəm, onun təsdiq edilməsinə səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Nə təklif olacaq? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə. Bu qanun layihəsi haqqında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verəcək. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Hörmətli Məclis, 2001-ci ildə Azərbaycan “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşularkən bir neçə bəndi qəbul etməmişdi. Avropa Xartiyasının tələblərinə görə bu alyansa qəbul olunan ölkələr azı 30 bəndi qəbul etməlidir. Azərbaycan 25 bəndi qəbul etmişdi.
2011-ci ildə “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik edilmiş və ona bələdiyyələrin xarici fəaliyyətini tənzimləyən maddə daxil edilmişdir. Bu maddə ilə bizim qoşulmadığımız o bəndlərdən biri, daha doğrusu, o bənddə olan məsələ öz həllini tapır. Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulur ki, Azərbaycanın Avropa Xartiyasına qəbul olunması ilə əlaqədar bəyanatında müvafiq düzəliş edilsin. Məsələ bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Buyurun, əgər çıxış eləmək istəyən yoxdursa, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında” Protokol 25 aprel 2013-cü il tarixində imzalanmışdır. İki maddədən ibarətdir. Protokolda müntəzəm reyslərin yerinə yetirilməsinin mümkünlüyü və iki ölkənin aviasiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən maddələr nəzərdə tutulur. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, 5-ci, 6-cı məsələlər Makedoniya ilə əlaqədardır. İcazə versəydiniz, hər ikisi haqqında birlikdə məlumat verərdim, sonra ayrılıqda səsə qoyardıq.
Sədrlik edən. Buyurun.
Z.Səmədzadə. Azərbaycanla Makedoniya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Həmçinin ticarət əməkdaşlığının potensialının yüksəlməsi üçün konkret addımlar atılır. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər Azərbaycan və Makedoniya arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəkdir.
Sazişlərin məzmunu, əsasən, ümumi xarakter daşıyır. Yəni biz bu arada bir çox ölkələrlə bağlanmış bu kimi sazişlərin təsdiq edilməsi barədə qanunlar qəbul etmişik. Ölkəmizin Makedoniya Respublikası ilə bağladığı bu vacib sazişlərin də təsdiqi, heç şübhəsiz ki, iqtisadi əlaqələrin inkişafına, idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə də qanun layihəsi təqdim olundu. Xahiş edirəm, ona da münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 28 dekabr tarixli Qanun qəbul edilmişdi və təklif olunan bu dəyişiklik də Cinayət-Prosessual Məcəlləsini həmin qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişiklik texniki xarakterlidir, amma bunu qəbul etmək lazımdır.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Ziyafət müəllim, icazə versəydiniz, mən “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair də məruzə edərdim. Çünki hər iki qanun bir-biri ilə üzvi surətdə bağlıdır.
Sədrlik edən. Buyurun.
Ə. Hüseynli. Hörmətli həmkarlar, bilirsiniz ki, biz inzibati islahatlar çərçivəsində İnzibati Prosessual Məcəllə qəbul etdik. Bu, kifayət qədər mükəmməl bir məcəllədir. Orada vətəndaşların dövlət orqanları ilə münasibətlərinə dair çox liberal müddəalar mövcuddur.
“İcra haqqında” Qanunda edilən əsas dəyişiklik vətəndaşların məhkəməyə şikayət vermək hüququ ilə bağlı müddəti daha da artırmaqdan ibarətdir. Hazırda İnzibati Prosessual Məcəlləyə görə bu müddət 30 gündür və məhz buna görə “İcra haqqında” Qanunda 10 gün 30 günlə əvəzlənir. Beləliklə, bu müddət bizim qəbul etdiyimiz və hazırda qüvvədə olan İnzibati Prosessual Məcəlləyə uyğunlaşdırılır.
“İcra məmurları haqqında” Qanun da qüvvədə olan İnzi-bati Prosessual Məcəlləyə uyğunlaşdırılır. Çünki tamamilə haqlı olaraq İnzibati Prosessual Məcəllədə “icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən şikayət vermə” anlayışı mövcuddur. Buna görə “İcra məmurları haqqında” Qanun da İnzibati Prosessual Məcəlləyə uyğunlaşdırılır və burada “hərəkətlərinə” sözündən sonra “hərəkətsizliyinə” sözü əlavə edilir. Hər iki məsələni səsə qoymağı xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihələri ilə bağlı Bəx-tiyar Əliyev çıxış etmək istəyir. Buyurun, Bəxtiyar müəllim.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Həqiqətən də, “İcra haqqında” Qanunda vətəndaşların məhkəməyə şikayət vermə hüququnun müddətinin artırılması yaxşı hal-dır. “İcra məmurları haqqında” Qanunda isə çox vacib olan bir məsələ icra məmurlarının hərəkətsizliyinin də məsuliyyətə səbəb olmasının təsbit edilməsidir.
Bu gün çox təəssüf ki, məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər də mövcuddur. Ən əsas problem, sözsüz ki, məhkəmə qərarlarının vaxtında icra olun-mamasıdır. Müəyyən dövlət qurumlarında onların icrası ilə bağlı problemlər var və icra məmurları tərəfindən də məsələnin həlli üçün kifayət qədər dirəniş göstərilmir. Digər tərəfdən, bir sıra özəl şirkətlərdə işdən qanunsuz olaraq çıxarılmış vətəndaşların öz iş yerlərinə bərpası haqqında məhkəmə qərarları qəbul olunsa da, çox təəssüf ki, həyata keçirilmir. Biz bilirik ki, bu səbəbdən müəyyən məhkəmələrə, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər gedib çıxır və bununla bağlı cərimələr də tətbiq olunur.
Ona görə mən hesab edirəm ki, icra məmurlarının məhz hərəkətsizliyinin bu qanun layihəsinə daxil edilməsi çox vacib olan bir məsələdir. Düşünürəm ki, bu məsələyə diqqət daha da artırılacaq və icra məmurlarının məhkəmə qərarlarının icrası ilə bağlı təsirli tədbirlər görməsi üçün artıq kifayət qədər əsasları olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, çıxış eləmək istəyirdiniz? Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bəxtiyar müəllim haqlı olaraq məsələ qaldırdı. Məlumat üçün demək istəyirəm ki, bu gün məhkəmə hüquqşünası həm də məhkəmə qərarlarının necə icra olunmasını nəza-rətdə saxlayır. Məhkəmə qərarı nə qədər ədalətli və qanuni olsa da, icra olunmayıbsa, deməli, konvensional hüquq pozulub. Nə qədər ki qərar icra olunmayıb, o, sadəcə, sənəddir.
Qeyd etmək istəyirəm ki, statistikaya görə, təxminən bir il, il yarım bundan əvvəl vəziyyət çox gərgin idi. Hazırda məhkəmə qərarlarının 90 faizindən çoxu icra olunur. Amma, – Bəxtiyar müəllim tamamilə düzgün qeyd elədi, – təəssüf ki, hələlik hüquqi nihilizm mövcuddur, yəni bu qərarın icrasını da, əsasən, dövlət orqanları təmin etməli olurlar. Yəni əgər kimsə məhkəmənin qərarı ilə işə bərpa olunubsa, bu qərarı mütləq icra etmək lazımdır. İcra məmurunun işi artıq problem yarananda meydana çıxır. Yəni demək istəyirəm ki, bu, düzgün qaldırılmış məsələdir. Gərək hamımız məhkəmə qərarlarının icrasına hörmətlə yanaşaq, o cümlədən bütün dövlət orqanları.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, səkkiz qanunda ardıcıl olaraq “bank sənədi” və “qəbz” sözləri “sənəd” sözü ilə əvəz edilir. Ona görə mən təklif edərdim ki, etiraz olmasa, bu qanun layihələrinə birdəfəlik səs verək.
Sədrlik edən. Yəni 10-cu məsələdən neçənci məsələyə qədər, Ziyad müəllim?
Z.Səmədzadə. 17-ci məsələyə qədər.
Sədrlik edən. Onda xahiş edirəm, 10-cu məsələyə – “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Buyurun, Fəzail müəllim.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Əlbəttə, mən təqdim edilmiş qanun layihələrinin hər birinə səs verəcəyəm. Lakin növbəti layihə birbaşa bank və bank fəaliyyəti ilə bağlı olduğu üçün düşünürəm ki, burada bir fikri diqqətə çatdırmaq son dərəcə vacibdir.
Xatırlayırsınızsa, hörmətli Ziyafət müəllim, büdcənin müzakirəsi zamanı bir çox deputatlar, o cümlədən mən özüm də bu gün banklarda verilən kreditlərin faizlərinin hədsiz dərəcədə yüksək olması haqqında fikirləri önə çəkdik. İnandırım sizi, hörmətli millət vəkilləri, bu gün bankların kredit faizinin ən aşağı həddi 12 faizdir, özü də bu faizlə kredit çox nadir hallarda verilir.
Bu kredit faizləri sözün həqiqi mənasında insanları zəlil vəziyyətinə salır. Nəzərə alın ki, kəndlərdə, rayonlarda ayrı-ayrı insanlar sosial problemlərini həll etmək, xırda bizneslə məşğul olmaq və sair ehtiyaclarını qarşılamaq üçün 10 min manata qədər kreditlər götürürlər. 10 min manata qədər kredit bir il müddətinə 30 faizlə verilirsə, təsəvvür etmək çətin deyil ki, insan necə çətin vəziyyətə düşür. Onu da nəzərə alaq ki, burada hüquqi nihilizm var və bu insan bank sistemini yaxşı bilmir. Bu gün Azərbaycan əhalisinin, xüsusilə regionlarda yaşayan əhalinin mütləq əksəriyyəti bu kreditlərin içərisində boğulmaqdadır.
Mən xahiş edirəm, rəhbərlik səviyyəsində bu məsələni qaldırın, bu məsələyə aydınlıq gəlsin. Dünyanın heç bir yerində bu qədər faizlə kredit verilmir. Aşağı 12 faiz, yuxarı 35 faiz. Bu harada görünüb? Bu banklar insanların qanını zəli kimi sormağa başlayıblar. İnsanlarda kifayət qədər narazılıq əmələ gəlib. Mənə onlarla müraciət var. Hətta vəziyyət elə olur ki, bank kreditlərini ödəyə bilmədiklərinə görə insanlar məhkəməyə verilir, onlar pensiyaçıdırlarsa, pensiya kartlarına həbslər qoyulur və həmin kreditlərin faizi pensiyalardan, sosial yardımlardan çıxılır.
Ona görə mən düşünürəm ki, bu məsələyə bizim tərəfimizdən yaxın zaman kəsiyində birmənalı olaraq münasibət bildirilməli və bank sistemində olan bu özbaşınalığa, –ifadəmə görə üzr istəyirəm, – bu vəhşi münasibətə son qoyulmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Aydındır. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Ziyafət müəllim, mən bank olmayan kredit təşkilatı haqqında qısaca məlumat vermək istərdim. Fəzail müəllimin qaldırdığı məsələ ilə bağlı mən də öz narahatçılığımı bildirirəm.
Bir il öncə İmişli və Beyləqandan mənə yüzlərcə müraciət olundu ki, bank olmayan kredit təşkilatı vasitəsilə 4 min manat məbləğində kredit götürmüşük. Lakin məlum olub ki, regiondakı bank olmayan kredit təşkilatının rəhbəri bizə dörd min manat verilməsi üçün mənim 20 min manat dəyərində evimi girov qoyub və qanuna görə 4 min manatdan artıq pul verməyə ixtiyarı olmadığı halda, mənim girovumun müqabilində qohumlarına, öz adamlarına əlavə dörd kredit xətti açıb.
Vətəndaş bir ildən sonra 4 mini ödəyir. Amma kredit təşkilatı ona cavab verir ki, sənin evin girovdadır və buna 20 min manat pul ayrılıb. Amma kimə ayrılıb, bu pulu alan adamlar harada yaşayırlar, bunlar bir-birini tanıyırlarmı? Məlum olur ki, dələduzluqdur və bu adamlar da bir-birini tanımırlar.
Mən getdim İmişliyə, 100-dən çox bu cür insanı yığdım, kredit təşkilatının Bakıdan olan rəhbərliyini də dəvət elədim. O vaxt işə qarışdım ki, artıq bank olmayan kredit təşkilatı vətəndaşların girov qoyulmuş mülkiyyətinin əlindən alınması üçün məhkəmədə iddia qaldırıb, on səkkizini də artıq icraya yönəltmişdi. Bir ildir, mən bu işi saxlamışam. 110 ailənin, 110 kredit götürənin evi bu formada məhkəmə çəkişməsində saxlanılıb. Amma bunların heç bir günahı yoxdur. 110-nun hamısı krediti vaxtında qaytarıb. Lakin bu dələduzlar 20 min manat dəyərində olan evə 4 min manat verdikdən sonra əlavə 4 nəfərə də pul yazıb və onu da mənimsəyiblər.
Bütün bunlar onu sübut edir ki, bank sistemində çox böyük ədalətsizlik, laqeydlik və cəzasızlıq var. Fəzail müəllim düz deyir. Dünyanın heç bir ölkəsində faiz dərəcələri Azərbaycandakı qədər deyil: 24 faiz, 26 faiz, 30 faiz. Belə olmaz, bu, insanların soyulmasıdır. Buna görə də biz gec-tez bu məsələyə parlament olaraq baxmalıyıq.
Bank olmayan kredit təşkilatı ilə bağlı məsələnin üstündən keçildi, amma yəqin ki, bu proses davam eləsə, mən Baş Prokurorluğa müraciət edəcəyəm. Vətəndaşların heç bir günahı yoxdur. Dələduzlar milyonlarla pulu mənimsəyiblər.
Amma eyni zamanda, mən də o fikrin tərəfdarıyam ki, ölkədə faiz dərəcələri bu qədər yüksək olan kreditlərin verilməsi məsələsinə gec-tez baxılmalı və faiz dərəcələri aşağı endirilməlidir. Şərtlər artırıla bilər, yəni stabil girov qoyula bilər, amma eyni zamanda, faiz dərəcələri aşağı olmalıdır ki, insanlar bundan bəhrələnsinlər. Biri mal-qara alır, biri maşın alır, ev alır. Sonra baxırsan ki, müflis olur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail müəllimin qaldırdığı məsələni, yəqin ki, biz araşdıracağıq. Amma Sizin dediyiniz məsələ, Çingiz müəllim, artıq cinayətdir, ona görə də müvafiq qurumlara müraciət edə bilərsiniz. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Bu məsələ keçən dəfə millət vəkilləri Vahid müəllim, Əli müəllim tərəfindən qaldırılmışdı. Mediada artıq müəyyən fikirlər də səsləndi. Yəqin ki, gələn sessiyaya qədər biz səlahiyyətlərimiz daxilində həm bank olmayan kredit təşkilatları, həm də yüksək kredit faizləri ilə bağlı müzakirələr aparacağıq. Yəni burada deyilən fikirlər reallığa uyğundur.
Sədrlik edən. Xahiş edirəm, 11-ci məsələyə – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
13-cü məsələ. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Əli müəllim, bu da həmin məsələdir də?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 14-cü məsələ – “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi gündəlikdən çıxarılır. Çünki bilirsiniz, biz keçən iclasda Miqrasiya Məcəlləsini qəbul etdik. Onun qəbul edilməsi ilə bağlı ləğv olunan sənədlər sırasında “İmmiqrasiya haqqında” Qanun da var. Təbii ki, bu sənəd ləğv olunubsa, ona dəyişiklik etməyin məntiqi yoxdur. Bu məsələ gündəlikdən çıxarılır.
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
16-cı məsələ. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, həm 17-ci məsələdə – “Yol hərəkəti haqqında” Qanunda, həm də 18-ci məsələdə – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda bundan öncə hörmətli Ziyad Səmədzadənin məlumat verdiyi kimi, “qəbz” sözünün “sənəd” sözü ilə əvəz olunması təklif olunur. Məncə, bu məsələləri də, sadəcə, səsverməyə qoymaq mümkündür.
Sədrlik edən. Aydındır, sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Bu qanun layihəsinə də, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, biz 2012-ci ildə Cinayət-Prosessual Məcəlləsində dəyişiklik etmiş və orada şəxsiyyət vəsiqəsinin şəxsdən müvəqqəti alınması hallarını dəqiq göstərmişik. Xatırlatmaq istəyirəm ki, Cinayət-Prosessual Məcəlləsində etdiyimiz dəyişikliklə şəxsiyyət vəsiqəsinin şəxsdən müvəqqəti alınması hallarının çərçivəsi bir qədər daraldıldı. Bu, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı idi və hazırda barəsində ancaq həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi müvəqqəti alınır. Başqa hallarda artıq şəxsiyyət vəsiqəsi şəxsdən alınmır.
Cinayət-Prosessual Məcəlləsində bu, qüvvədədir və təklif olunur ki, bu müddəa “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun müvafiq maddəsində də əksini tapsın. Yəni bizim buna səs verməyimiz, sadəcə, qanunvericiliyimizi səliqəyə salmaq deməkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, iclasımızın əvvəlində Avropa Parlamentinin Azərbaycanla bağlı 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar müzakirələr keçirildi. Müzakirələr zamanı belə qərara alındı ki, Milli Məclis adından bir bəyanat qəbul olunsun və bu bəyanatın hazırlanması üçün redaksiya komissiyası yaradılsın. Həmin komissiya bəyanatı hazırlayıb. Bəyanatın mətni ilə sizi tanış etmək üçün Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova söz verilir. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini.
Təşəkkür edirəm, Ziyafət müəllim.
“Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
İyirmi ildən artıqdır ki, Azərbaycan Respublikası demokratik inkişaf yolunu seçmişdir və hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının möhkəmləndirilməsi üçün genişmiqyaslı işləri ardıcıl surətdə davam etdirir.
Bu istiqamətdə tədbirləri həyata keçirərkən bizim dövlətimiz bir sıra Avropa qurumları ilə sıx əməkdaşlıq edir. Xüsusən Avropa İttifaqı və Avropa Parlamenti ilə dinamik əlaqələr mövcuddur. Avropa İttifaqı ilə 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi uğurla həyata keçirilir.
2004-cü ildə Azərbaycan “Avropa qonşuluq siyasəti”nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha da güclənmişdir. 2009-cu ilin may ayından ölkəmiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. Assosiasiya müqaviləsi ilə bağlı danışıqlar davam etdirilir.
Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi fəaliyyət göstərir. Bu qurumlar ikitərəfli əməkdaşlıq münasibətlərində qarşıya çıxan məsələlərin konstruktiv məcrada müzakirə edilməsi və mümkün anlaşılmazlıqların aradan qaldırılması üçün yaxşı platforma yaradır.
Belə bir şəraitdə bu il iyunun 13-də Azərbaycanla bağlı məsələnin təcili bir məsələ kimi Avropa Parlamentinin plenar iclasına çıxarılmasının və bu barədə qətnamə qəbul edilməsinin hansı fövqəladə səbəblərdən irəli gəldiyi aydın deyildir. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi bəzi narahatedici məqamlara diqqəti cəlb etməyi lazım bilir.
Əvvəla, Avropa Parlamenti kimi nüfuzlu bir beynəlxalq təşkilatın yoxlanılıb dəqiqləşdirilməmiş məlumatlara əsaslanaraq bütün Azərbaycan hakimiyyətini qınayan, xüsusi məsələləri həddindən artıq sərbəst, daha doğrusu, birtərəfli şəkildə dəyərləndirərək ümumi inkişaf meyli kimi qələmə verən, ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan qərəzli bir sənəd qəbul etməsi dərin təəssüf doğurur.
Müəyyən etmək çətin deyildi ki, qətnamədə adları hallandırılan şəxslər konkret cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə həbs edilmişlər, aparılan istintaqın uzadılması işdə yeni halların üzə çıxması ilə bağlı olmuşdur. Hər halda bu məsələlər məhkəmənin səlahiyyətinə daxildir və onların azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılı olacaqdır. İstintaq altında olan bir şəxsin təcili şəkildə və qeyd-şərtsiz azad olunmasının tələb edilməsinin qanunun aliliyinə hörmət prinsipi ilə bir araya sığmadığı hər kəsə aydın olmalıdır.
Ölkədə keçiriləcək Prezident seçkilərində namizəd olan hər hansı şəxsin həbsi ilə bağlı iddialara gəlincə, Azərbaycanda Prezident seçkiləri hələ təyin edilməmiş və heç bir namizəd rəsmi qeydiyyatdan keçməmişdir. Hər hansı siyasi qurumun qarşıdakı Prezident seçkiləri ilə bağlı qərar və mülahizələri heç kəsə konkret cinayət əməllərinə görə məhkəmə təqibindən immunitet hüququ vermir.
Avropa Parlamentinin qətnaməsində qaldırılan məsələlərdən biri də internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilən təhqir və böhtana görə Cinayət Məcəlləsində edilən dəyişikliklər barəsindədir. Əlbəttə, bu dəyişikliklər ifadə və söz azadlığının sivil həyata keçirilməsini, eləcə də şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasını təmin etmək zərurəti ilə bağlıdır və həmin azadlığın hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, Cinayət Məcəlləsinin bu maddələri və onlarda edilən dəyişikliklər diffamasiya haqqında qanunvericiliyin qəbul olunmasına heç bir maneə törətmir. Bizim ölkəmizdə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi fəaliyyət göstərir.
Azərbaycan xalqı könüllü olaraq demokratik dəyərlərə əsaslanan cəmiyyət quruculuğu yolunu tutmuşdur. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi vardır və bu mexanizm Avropa qurumları ilə əməkdaşlıq şəraitində yaradılmışdır. Ölkədə insan hüquqları və azadlıqları həm qanunvericilik, həm də qanunların icrası çərçivəsində etibarlı müdafiə olunur. Məhz buna görə də Azərbaycanın insan hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə edilməsi qeyri-obyektiv və qərəzli yanaşma kimi qiymətləndirilməlidir.
Təəssüf doğuran məqamlardan biri də budur ki, Avropa Parlamentinin adı çəkilən qətnaməsinin qəbulu təşkilatın Azərbaycanla bağlı siyasətin müəyyən istiqamətə yönəltməyə cəhd göstərən siyasi qüvvələrin olduğunu nümayiş etdirir. Buna sübut kimi, qətnamənin Avropa İttifaqı – Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldə biləcək “Cənub dəhlizi” layihəsinə dair tarixi əhəmiyyətli qərarın qəbul edilməsi və Azərbaycan dövlətinin başçısının Brüsselə səfəri ərəfəsində müzakirəyə çıxarılmasını və cəmi 32 nəfərin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan ölkələrin və qurumların istiqamətləndirdiyi deputatların xüsusi fəallıq etməsini göstərmək olar.
Azərbaycan Respublikası müstəqil dövlətdir və Avropa İttifaqı ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdirməyə tərəfdardır. Heç bir qurumun Azərbaycanla öyüd-nəsihət tərzində, “böyük qardaş” mövqeyindən danışmağa haqqı yoxdur.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsini ikitərəfli münasibətlərə vurulan zərbə hesab edərək, konstruktiv əməkdaşlıqdan geriyə çəkilmə kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli və dəyərli millət vəkilləri, mənim təklifim bir cümlədən ibarətdir. Mən istərdim ki, bəyanata, – əgər redaksiya komissiyası razı olsa, – belə bir cümlə əlavə olunsun: “Əmin olmaq istərdik ki, 32 nəfərin qeyri-obyektiv və qərəzli fikirlərinin ifadəsi olan bu qətnamə bütövlükdə Avropa Parlamentinin iradəsini ifadə etmir”. Sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Ümumiyyətlə, bəyanat normal hazırlanıb, yaxşıdır. Amma orada belə bir cümlə var idi: “Prezident seçkiləri təyin edilməmişdir”. Prezident seçkiləri Konstitusiya ilə təyin olunur. Onun nə vaxt keçiriləcəyi də məlumdur. Sadəcə, ona start verilməyib. Ona görə, məncə, orada dəqiqləşdirmə aparılmalıdır. Yəni “start verilməyib və hələ heç bir namizəd bəlli deyil” yazılsa, daha dəqiq olar.
İkinci. Bilirsiniz, biz beynəlxalq təşkilatlarla yazışmalarda, – başqa cür çıxmasın, – təkəbbürlü, lovğa danışmalı deyilik. “Heç bir qüvvə bizə böyük qardaş ola bilməz, heç bir qüvvə bizim...” Bir az sakit, beynəlxalq hüquq dilində danışmaq daha doğru olar. Məsələn, “bizə heç kim böyük qardaşlıq edə bilməz” cümləsini daha səmimi şəkildə yazmaq olar: “Bizim, – gənc bir dövlətin, – beynəlxalq qurumlarla əməkdaşlığımız o demək deyil ki, bu böyük, təcrübəli, beynəlxalq nüfuzu olan təşkilatlar bizə diktə etməlidirlər”. Ona görə, məncə, bu cümlələrə yenidən baxsanız, daha doğru olar. O cümlədən “İyirmi ildən artıqdır” ifadəsi əvəzinə “Azərbaycan 1991-ci ildə müstəqil olub” və ya “1991-ci ildən bəri Azərbaycan bu yoldadır” yazılsa, daha konkret olar. Yəni “İyirmi ildən artıq” ifadəsi qeyri-dəqiqdir.
Azərbaycan müstəqil dövlətdir deməyə də ehtiyac yoxdur. Hamı bilir ki, Azərbaycan müstəqil dövlətdir. “Mən müstəqiləm, mənə söz deyə bilməzsən” şəklində olmaz. “Azərbaycanın Avropa ilə münasibətləri imkan verir sizdən tələb edək ki, bizə münasibətdə daha obyektiv olasınız” cümləsi daha məqsədəuyğundur. Mənim təkliflərim bundan ibarətdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Z.Əsgərov. Sağ olun, cənab Sədr. Sabir müəllim, bir məsələ ilə əlaqədar arayış vermək istəyirəm. Prezident seçkilərinin keçirilməsi tarixinin Konstitusiya ilə müəyyən olunması haqqında heç bir göstəriş yoxdur. Bu, Seçki Məcəlləsi ilə tənzimlənir və orada göstərilib ki, seçkilərin keçirilməsi tarixi Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Bu tarix isə hələ Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmayıb. Ona görə də bəyanatda yazılan məsələ doğrudur. Yəni hələ Prezident seçkiləri haqqında tarix müəyyən olunmayıb. Sağ olun.
Sədrlik edən. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən istərdim, burada bir məsələni hüquqşünaslarımızla dəqiqləşdirək. Bəyanat ümumi bir mövqeyin bəyan olunmasıdır. Biz isə burada konkret olaraq müraciət edirik. Mənə elə gəlir, bəyanat yox, müraciət olmalıdır. Müraciətin konkret ünvanı var, bəyanat isə bir mövqeyin bəyan edilməsidir.
Hörmətli Oqtay müəllim, məncə, Valeh müəllimgil bəyanatı çox gözəl işləyiblər, ancaq bir qədər redaktəyə ehtiyac var. Burada iki fikir öz əksini tapmalıdır. Bu bizim həm bugünkü günümüz, həm də sabahkı siyasətimiz üçün vacibdir.
Birinci, “Qəbul edilən qətnamə Azərbaycanda Avropa demokratiyasına olan inamı sarsıda bilər, onun üzərinə kölgə sala bilər” fikri hər hansı bir formada müraciətdə öz əksini tapmalıdır.
İkinci, hər hansı bir müraciətin sonunda qapılar açıq saxlanılır. Qapıların açıq saxlanması nədir? Məsələn, “biz ümumi dəyərlər əsasında Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırıq” fikri burada öz əksini tapmalıdır. Bu bizim sabahımız üçün lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bu fikirlərin təxminən hamısı orada var. Biz indiyə kimi necə demokratik şəkildə işləmişik, bu yolla da gedəcəyik. O ki qaldı müraciətlə bəyanat məsələsinə, biz müraciət etmirik, öz mövqeyimizi bəyan edirik. Təzədən niyə müraciət etməliyik? Yəni Avropa Parlament o qətnamədə, elə bil, bizə diktə edir. Onun diktə etməyə ixtiyarı yoxdur, yalnız tövsiyə verə bilər, fikrini deyə bilər. Biz də bəyan edirik ki, bizə diktə etmək lazım deyil. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən də bu bəyanatı dəstəkləyirəm. Həqiqətən, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin müzakirəyə çıxarılması çox təqdirəlayiqdir. Ona görə Sizə minnətdarlığımı bildirirəm.
Mənim çox xırda, kiçik bir xahişim var. Avropa Parlamentinin 740-dan çox üzvü var. Yazılsa ki, 740-dan çox millət vəkilindən 32-sinin səs verməsi, – bu heç 5 faiz də etmir, – bu daha da gözəl səslənər. Çünki 32 deyiləndə aydın olmur, 100-dən də 32 ola bilər, 50-dən də 32 ola bilər.
Oqtay müəllim, biz mart ayında Azay müəllimlə Avronestin iclasında iştirak etdik. Həmin bu qrup qətnamədə Azərbaycanla bağlı qeyd edilən qərəzli fikirləri israrlı olaraq sual formasında Fuleyə verirdi. İnanın ki, bu sualların, yəni qətnamədə göstərilən məsələlərin heç birinə Fule cavab vermədi. Parlamentdə olan heç bir millət vəkili, Avropa Birliyindən olan millət vəkilləri də ona reaksiya vermədilər. Əksinə, sonda Fule dedi ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur, biz onlarla əməkdaşlıq etməliyik. Ona görə xüsusi vurğulamaq lazımdır ki, bu 32 nəfər ermənipərəst lobbidir, Azərbaycanı sevməyən ermənipərəst qüvvələrdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Onu biz qeyd etmişik. Siz düşünürsünüz ki, Avropa Parlamenti bilmir, neçə üzvü var? Onlar bizdən də yaxşı bilirlər ki, 754 üzvləri var. O ki qaldı Fuleyə, Fule heç vaxt Azərbaycanla bağlı birtərəfli mövqedə olmayıb. Biz bu yaxınlarda Brüsseldə cənab Fule ilə də görüşdük, fikirlərimizi bölüşdük. Onun Azərbaycana münasibəti tamam başqa cürdür. Buyursun Ceyhun Osmanlı. Bununla da iclası bitiririk.
C.Osmanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Birinci onu demək istəyirəm ki, bəyanat çox mükəmməl səviyyədə hazırlanıb və burada səslənən bütün fikirlərə qatılıram. Gələcək üçün bir təklif vermək istəyirəm.
Hesab edirəm ki, Avropa Parlamentinin bu qərarları o qədər önəmli deyil ki, Azərbaycan parlamenti təxminən saat yarım vaxtını onlara ayırsın. Çünki təcrübə göstərir ki, bu təkliflər Avropa Parlamentinə ayrı-ayrı siyasi qruplar tərəfindən verilir. Bu qətnaməyə səs verən o 32 nəfərin 30-nun heç xəbəri yoxdur ki, nəyə səs verib. Sadəcə, məsələn, sosialistlərin liderlərindən biri təklif verib, qalan 30 nəfər də səs verib. Ona görə də gələcəkdə Azərbaycan parlamentinin rəhbərliyi və bütün üzvləri səviyyəsində bunlara cavab vermək əvəzinə, sadəcə, siyasi qruplardan birinin cavabı kifayətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Amma mən təəssüf edirəm ki, kifayət deyil. Çünki belə qətnamələr birinci dəfə deyil. Parlament adından da göndərmişik, normal reaksiya görməmişik. Ona görə də bu, parlamentin müzakirəsidir, parlamentin bəyanatıdır, qrupun bəyanatı deyil. Bu qətnamə Avropa Parlamentinin adından gəlib. Fərqi yoxdur, 32-dir, 42-dir, 52-dir. Ona görə cavabı da parlament adından verilməlidir. Əgər başqa təklif yoxdursa, komissiya bəzi fikirlərə baxsın, mümkün olsa, dəyişiklik edilsin. Biz bunu əsas kimi qəbul edirik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti iclasımız haqqında sizə məlumat veriləcək. Sağ olun. Gələn iclasa qədər.