02.07.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 70

Milli Məclisin iclas salonu.
2 iyul 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

A.Cəfərov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizədlər:

Bədəlov Kəmaləddin Nurəddin oğlu,
Dəmirov İlqar Kamal oğlu,
Əhmədov Əhməd Abbas oğlu,
Hüseynov İlqar Kamil oğlu,
Xələfov İlqar Rəhim oğlu,
Quliyev Gündüz Ağababa oğlu,
Nəbizadə Rahib Sahib oğlu,
Nurməmmədov Əhməd Güləhməd oğlu,
Hüseynova Sevda Əziz qızı,
Məmmədov Xəqani Səyyad oğlu.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimliyinə namizədlər:

Abbasov Fərman Məmməd oğlu,
Həsənov Polad Vəli oğlu,
Qarayev Sənan Məmməd oğlu.

Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər:

Abiyeva Kəmalə Nəbi qızı,
Babayev Qədim Xalid oğlu,
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Həmidov Həmid Üzeyir oğlu,
Hüseynov Abiddin Qabil oğlu,
Şirinov İkram Sabir oğlu,
Abbasov Natiq Mehdi oğlu,
Həsənov Elnur Məmmədsaat oğlu,
Həsənov Vüqar Təvəkgül oğlu,
İmanov Azad Nizam oğlu,
Məmmədov Vüqar Kamal oğlu,
Murquzov İlqar Mustafa oğlu,
Talışinski Fuad Şəmsəddin oğlu.


Gəncə Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər:

Bayramov Azər Vahid oğlu,
Şəfiyev İspəndiyar Əsəd oğlu,
Əhmədov Ceyhun Rasim oğlu,
Xasməmmədov Elçin İsgəndər oğlu,
Mehtiyev Fikrət Ədilşah oğlu,
Muxtarov Teyyub Asif oğlu,
Muradov Rəhman Şaban oğlu,
Süleymanov Loğman Sirac oğlu.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər:

Abasov Şəmsəddin Rizalı oğlu,
Cəmilova Xəyalə Adil qızı,
Rəhimov Elman Gülbaba oğlu,
Zeynallı Fərmayıl Gülmalı oğlu,
Abbasov Aqil Əzizağa oğlu,
Qafari Səyyad Ağaəli oğlu,
Məmmədov Telman Qədir oğlu,
Mövsümov Nazim Rasimoviç.

Şirvan Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər:

Eyvazov Rafael Əmir oğlu,
Məmmədov Namiq Eyyub oğlu,
Babayev Zəki Baba oğlu,
Cəbrayılov Vüsal Adil oğlu,
Əhmədov İsmayıl Həmid oğlu,
İbrahimov Zamin Vəliyəddin oğlu,
Novruzov Ələsgər Əli İskəndər oğlu.

Şəki Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər:

Hüseynov Mirbahəddin Mirdamət oğlu,
Abbasov Gündüz Qasım oğlu,
Əliyev Rafail Əyyub oğlu,
Əsədli Mahir Abdulla oğlu,
Məcidov Ələddin Tofiq oğlu,
Rəfiyev Rövşən Rafiq oğlu,
Şükürov İmanverdi Həşimxan oğlu.

 

*   *    *

N.Səfərov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
A.Əliyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Hüquq şöbəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, İqbal Ağazadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.22 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.23 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.24 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

7. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Sabir Rüstəmxanlı, Novruzəli Aslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.35 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fazil Mustafa, İlyas İsmayılov, Qənirə Paşayeva, Zahid Oruc, Valeh Ələsgərov, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi


Təklif: Layihənin adı, preambulası, 1–20-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif:  21–38-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2 iyul 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.04 dəq.)
İştirak edir  100
Yetərsay      83

Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.04 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Hesab edirəm, müzakirələrə ehtiyac yoxdur. Bu, növbədənkənar sessiyanın son iclasıdır. Yaxşı bir məsələ ilə başlayırıq. Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə hakimlərin təyin edilməsi məsələsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Cənab Sədrin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin və  apellyasiya məhkəmələrinin hakimləri vəzifələrinə namizədliyi irəli sürülən hakimlərin təqdimatı Milli Məclisə göndərilmişdir.
Məlumat üçün qeyd edim ki, komitənin geniş iclasında hakimlərin özünün iştirakı ilə ciddi müzakirələr keçirilmiş, müzakirələrdə son dövrdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər barədə məlumat verilmişdir. Eyni zamanda, millət vəkilləri mövcud vəziyyət, hakim korpusunun fəaliyyəti, problemlər, islahatların gələcəyi ilə bağlı fikirlərini bildirmişlər.
Amma bu gün müzakirənin əsas predmeti Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin təyinatıdır. Cənab Prezidentin məktubundan da göründüyü kimi, bu təkliflər Məhkəmə-Hüquq Şurasında hazırlanmış və cənab Prezidentə təqdim olunmuşdur. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda hakim korpusunda 86 vakansiya mövcuddur.
Xatırlayırsınızsa, biz keçən çağırışda artıq regional apellyasiya məhkəmələri də formalaşandan sonra parlamentdə geniş bir təqdimat keçirmişdik. Ondan sonrakı dövrdə bir neçə dəfə kiçik təyinatlar olmuşdur. Ali Məhkəməyə və apellyasiya məhkəmələrinə indiki təyinat isə həcminə görə çox böyük bir təyinatdır. Bu təyinata görə yuxarı instansiyalarda, yəni kasasiya və apellyasiya instansiyalarında, demək olar ki, artıq vakansiyalar qalmayacaqdır.
Hazırda vakansiyaların 10-u Ali Məhkəmədə, 6-sı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində, 5-i Bakı Apellyasiya Məhkəməsində, 3-ü Şirvan Apellyasiya Məhkəməsində, 5-i Gəncə, 4-ü Şəki, 6-sı isə Sumqayıt apellyasiya məhkəmələrində mövcuddur. Beləliklə, Milli Məclisin müzakirəsinə 57 nəfər hakimin Ali Məhkəməyə və apellyasiya məhkəmələrinə təyinatı barədə məsələ çıxarılmışdır.
Gördüyünüz kimi, təqdimat iki hissədən ibarətdir. Bunun birinci hissəsi səlahiyyət müddəti avqust ayının 6-da bitən, ikinci hissəsi isə qanunvericiliyə uyğun olaraq hələ səlahiyyət müddətləri davam edən hakimlərlə bağlıdır. Yəni baxmayaraq ki, məktub iki hissədən ibarətdir, söhbət bütövlükdə 57 nəfər hakimin Ali Məhkəməyə və apellyasiya məhkəmələrinə təyinatından gedir.
Cənab Sədr, mən hesab edirəm ki, Milli Məclisin gündəliyində məsələlər tamamilə düzgün olaraq Ali Məhkəməyə, Naxçıvan Respublikasının Ali Məhkəməsinə və beş apellyasiya məhkəməsinə hakimlərin təyinatı şəklində qruplaşdırılaraq qeyd olunmuşdur. Məncə, onların   məhz bu qaydada, bu ardıcıllıqla səsə qoyulması daha məqsədəmüvafiq olardı.
Ümidvarıq ki, həm səlahiyyət müddəti uzadılan, həm də yeni təyin olunan Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimləri Məhkəmə-Hüquq Şurasının, cənab Prezidentin və Milli Məclisin etimadını doğruldacaq, Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsinə öz töhfələrini verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, mən dünən komitələrin iclasında da dedim. Bu, ümumiyyətlə, bizim bütün millət vəkillərinə aiddir. Komitədə hər hansı bir məsələyə baxılır, bütün komitə üzvləri çıxış edir, fikirlərini deyir, səsvermə keçirirlər. Ondan sonra Milli Məclisin iclasında o komitənin üzvləri təkrarən bir-bir çıxış eləməyə başlayırlar. Mən indi siyahıya baxıram, səhv eləmirəmsə, Fazil Mustafa da, Rafael Cəbrayılov da, Çingiz Qənizadə də sizin komitənin üzvləridir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
  Bir dəqiqə, kim çıxış etmək istəyir, söz verəcəyəm. Mən bunu gələcək üçün deyirəm. Bu, növbədənkənar sessiyanın son iclasıdır. Yaxşı notlarla qurtaraq. Yəni bu məsələləri nəzərə alın, xahiş edirəm. 11 nəfər yazılıb. Bu adamlar arasında çıxış üçün təkid eləyənlər var? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Sessiya qurtarır, iki nəfərin sözləri sonra ürəyində qalar. Fazil Mustafa, İqbal Ağazadə. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, məhkəmə hakimlərinin təyin edilməsi çox ciddi bir hadisədir. Ona görə də məhkəmə hakimiyyətinə aid olan məsələlərlə bağlı bəzi fikirlərin burada səslənməsinə ehtiyac var. Dünən başqa komitənin üzvü kimi, – mən İnsan hüquqları komitəsinin üzvüyəm, – Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında iştirak eləmişəm. Ona görə o komitədə fikirlərim səslənibdir. Amma hər halda burada deməyimiz yerinə düşər.
Mən xüsusilə hakimlərin, – dünən də o məsələyə toxundum, – əmək haqlarının qaldırılması məsələsini çox vacib bir məsələ hesab edirəm. Ona görə ki, bu gün Azərbaycan hakimi yaşayış standartlarına görə çox aşağı səviyyədə təmin olunub. Onun aldığı məvacib, demək olar ki, əsasən kommunal xərclərə, mənzil icarəsinə, başqa əlavə xərclərə gedir. Ona görə də bu gün təyin olunan hakimlərdən biz dürüstlük, ədalət, doğru qərarlar tələb ediriksə, onların yaşayış şərtlərini də dəyişməliyik.
Siz təsəvvür edin ki, hakimlərin hətta təhlükəsizliyi ilə bağlı məsələ də Azərbaycanda öz həllini kifayət qədər tapmayıbdır. Müxtəlif tərəflər var və bu tərəflər hakimlərin çıxardığı hökmlərdən narazı olduğu halda istənilən şəkildə onlara hər hansı bir təzyiq göstərmə imkanına sahibdirlər.
İkinci, hakimlərə aylıq 40 təqvim günü müddətində məzuniyyət verilir və bu məzuniyyət müddətində onlara əmək haqqı yox, müavinət  ödənilir. Yaxşı olar ki, bu müavinətlə bərabər əmək haqqı da verilsin. Bu, o baxımdan vacibdir ki, ən intellektual, ağır iş onların üzərinə düşür. Bu məsələ, məncə, müvafiq qurumlar tərəfindən düşünülməli və yoluna qoyulmalıdır.
Düşünürəm ki, bugünkü Azərbaycanda məhkəmə sistemində ədalətlilik mövzusu dartışılan mövzudur. Dünən də bu məsələ qeyd olundu. Bəraət hökmlərinin sayının minimum olması, hakimlərin müstəqilliyinin aşağı olması, istintaq orqanı ilə münasibətdə daha aşağı imkanlara, səlahiyyətlərə sahib olması kimi görüntülər var və bunları dəyişmək lazımdır. Ona görə, məncə, məhkəmə islahatlarının təkmilləşdirilməsinə ciddi ehtiyac var.
Burada mən Məhkəmə-Hüquq Şurası barədə də fikrimi səsləndirmək istəyirəm. Yeganə qurumdur ki, bu sistemdə bütün şikayət və təkliflərə  həssas yanaşaraq istənilən məsələyə reaksiya verir. Biz millət vəkili olaraq ünvanımıza daxil olan hər hansı şikayəti bu quruma göndərərkən ondan dərhal müəyyən cavablar alırıq. O baxımdan mən bu sahədə olan müsbət işlərin də qiymətləndirilməsinin tərəfdarıyam.
Oqtay müəllim, mövzuya aid olmasa da, mən fürsətdən istifadə eləyib bir məsələyə də toxunmaq istəyirəm. Bu, mətbuatda da gedib.  Böyük Azərbaycan generalı Şıxlinskinin məzarı Yasamal qəbiristanlığında pis vəziyyətdədir. General Səməd bəy Mehmandarovun xatirəsini yüksək tutan bir qəbirüstü abidə düzəldilməyibdir. Ölkədə yüzdən artıq general var. Allah canlarını sağ eləsin. Tutaq ki, heç dövlət qayğı göstərmir. Hər 20 general  varisi olduğu bu cür bir generala sahib çıxıb onun bir qəbirüstünü düzəltsə, onu, heç olmasa, ölkəyə gələn başqa insanlara göstərə bilsə, çox böyük iş olar. Rus ordusunda artilleriya allahı hesab edilən general Şıxlinskinin məzarı baxımsız vəziyyətdə qalıbdır. Hesab edirəm, müvafiq qurumlar bu kimi məsələlərə də diqqət yetirsələr, yaxşı olar. Diqqətinizə görə sağ olun.    
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar, hakimlər! Mən də yeni təyin olunacaq və ya təyinatında dəyişikliklər olacaq bütün hakimləri əvvəlcədən təbrik eləyir və işlərində uğurlar, o cümlədən ədalət arzulayıram.
Bir neçə fikrimi bildirmək istəyirəm. Məni xüsusilə hakimlərin prokurorluq orqanlarından asılılığı və prokurorluqdan gələn bütün qərarların olduğu kimi qəbul olunması narahat edir.
Həbs qətimkan tədbirinin seçilməsi Azərbaycanda məhkəmə hakimiyyətinin sanki boyuna biçilib. İstər qətl hadisəsi, istərsə də xırda xuliqanlıq olsun, məhkəməyə bir iş gəlirsə, istənilən adam haqqında həbs qətimkan tədbiri seçilir: 2 aylıq, 3 aylıq və sairə. Nəzərə alınmır ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq bunun daimi yaşayış yeri, iş yeri var, qaçmaq imkanı yoxdur, ictimaiyyətdə tanınır və sair.
Məni xüsusilə narahat edən siyasi cəhətdən aktiv olan insanlar barəsində dərhal həbs qətimkan tədbirlərinin seçilməsidir. Məsələn, – burada dəfələrlə deyilib, – bu günlərdə Yadigar Sadıqovu qondarma bir xuliqanlıq hadisəsində ittiham elədilər. Mən o məhkəmə materiallarına da baxdım. Hakimlər heç araşdırmayıblar ki, bununla dava edən kimdir, nəçidir, indiyə qədər bunun adı neçə cinayət işində keçib. Bu adam ştatla üzə durandır. Dəfələrlə məhkəmələrə təqdim olunan bu tipli işlərdə bunun adı keçir.
Təəssüflər olsun ki, Azərbaycan məhkəmələrində artıq ştatla üzə duran anlayışı var. Hörmətli hakimlərimizin heç biri aydınlaşdırmır ki, bu adamın adı neçə dəfə cinayət işində keçir və yaxud bir qurum eyni adamı neçə dəfə şahid qismində insanların üzünə qoyub və onların barəsində qondarma cinayət işi başlanıb. Bu tipli məsələlər, təbii ki, hakimləri də, məhkəmə hakimiyyətini də ciddi şəkildə gözdən salır. İnsanlar bu strukturlarda sifarişli qərarların qəbul olunması ilə bağlı mövqeyə hakim olur.
Əmlak məsələlərinin də həlli yuxarı strukturların sifarişi, tapşırığı ilə həyata keçirilir. Mən çox istərdim ki, möhtərəm hakimlər bu məsələlərə diqqət yetirsinlər və özlərini müstəqil qurum kimi hiss edərək prokurorluqdan asılı olmasınlar.
Yeri gəlmişkən onu da qeyd edim ki, məhkəmənin çıxardığı qərarla bağlı prokurorluq protest verirsə, protest verilən müddətdə hakimin qərarının yerinə yetirilməməsi ilə bağlı bir ölçü götürmək lazımdır. Hakim bir nəfərin həbsdən azad olunması haqqında qərar verir, prokurorluq protest verir. Hakimin qərarı üstün götürülmür, prokurorun, yəni protest verənin qərarı üstün götürülür və növbəti dəfəyə qədər həbs qətimkan tədbiri dəyişdirilmədən qalır. Bu tipli məsələlər, təbii ki, məhkəmənin müstəqil qol kimi fəaliyyətinə mane olur.
Hakimlərin təminatı məsələsini hörmətli Fazil bəy çıxışında qeyd etdi. Mən hesab edirəm ki, hakimlərin, xüsusilə aşağı instansiya məhkəmələri hakimlərinin maaşları olduqca aşağıdır. Səhv etmirəmsə, altı yüz neçə manat maaş alırlar. Bu maaşla, təbii ki, hakimlərdən müstəqil qərar, müstəqil yanaşma və yaxud rüşvətsiz, korrupsiyasız bir sistem formalaşdırmağı tələb etmək olduqca çətindir.
Amma yenə də sonda bütün hakimləri ədalətə dəvət edir, siyasi dustaqların –  Tofiq Yaqublunun,  İlqar Məmmədovun, Yadigar Sadıqovun, nidaçıların və digərlərinin  barələrində ən azı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Bildiyiniz kimi, son vaxtlar bir çox cavan hakimlərimiz test üsulu ilə imtahan verib, neçə il təcrübə yığıblar. Daha artıq təcrübəsi olan hakimlər məhkəmə sistemində pillə-pillə irəliləyərək püxtələşib kamilləşiblər.
Bu gün ədliyyə nazirinin müavini Azər müəllim də buradadır. O həm də institutun rektorudur. Biz dünən komitədə də onunla söhbət elədik. Keçən dəfə imkan yaratdıq, ədliyyə naziri 20 dəqiqə burada ədliyyə sistemində görülən işlərdən danışdı. İndi bizim Milli Məclisin deputatı İqbal müəllim çıxış etdi, əhəmiyyət verdiyi məsələlərdən danışdı.
Ancaq heç vaxt eşitməmişəm ki, bir adam ədliyyə sistemində gedən dəyişikliklərdən, böyük islahatlardan və ya Məhkəmə-Hüquq Şurasının gördüyü işlərdən danışsın. Ona görə çox gözəl olardı ki, Ədliyyə Nazirliyində ictimaiyyətlə iş şöbəsi yoxdursa, heç olmasa, ədliyyə sistemində görülən o böyük işləri ictimaiyyətə çatdırmaq üçün bir vasitəçi qrup yaradılsın. Belə olsa, gələcəkdə bizim insanlar da, cəmiyyət də, o cümlədən millət vəkillərimiz də bu görülən işlərdən xəbərdar olarlar və bu öz müsbət nəticəsini verər.
Bildiyiniz kimi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Əli müəllim, xahiş edirəm, namizədləri siyahı üzrə təqdim eləyin, səsvermə mərasimini keçirək.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hesab edirəm, biz tamamilə düzgün olaraq təklif etdik ki, gündəlikdəki birinci yeddi məsələnin hər birini ayrılıqda səsə qoyaq. Amma düşünürəm ki, siyahılar bütün millət vəkillərində olduğuna görə səsverməni adbaad yox, gündəlikdə verilmiş ardıcıllıqla hər bir məhkəmənin adını çəkməklə keçirmək olar.
Ənənəvi olaraq hakimlər iclas zalına daxil olarkən vətəndaşlar ayağa qalxırlar. Bu gün isə hakimlər Milli Məclis qarşısındadırlar. Ona görə məhkəmələrin adı çəkilərkən hakimlərdən ayağa qalxmağı xahiş edəcəyəm. Birinci, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizədlər. 10 nəfər hakimdir. Siyahı sizdə var.
Sədrlik edən. Ayrıca səsvermə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 12.22 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təbrik edirik. Əyləşin, xahiş edirəm.
Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Gündəliyin 2-ci məsələsi. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Bu məhkəmənin hakimliyinə üç namizəd var – Abbasov, Həsənov, Qarayev.  Xahiş edirəm, səs verin.
Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)
 Lehinə  97
 Əleyhinə  2
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Təbrik edirəm.
Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Gündəliyin 3-cü məsələsi. Bakı Apellyasiya Məhkəməsi hakimliyinə namizədlər – 14 nəfər. 
Sədrlik edən. Hamınız gördünüz, hörmətli millət vəkilləri. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.24 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Çox sağ olun. Təbrik edirik. Xahiş edirəm, əyləşəsiniz.
Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Gündəliyin 4-cü məsələsi. Gəncə Apellyasiya Məhkəməsi hakimliyinə namizədlər – 8 nəfər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.25 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu. Təbrik edirəm.
Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. 5-ci məsələ. Sumqayıt Apellyasiya Məhkəməsi hakimliyinə namizədlər – yenə 8 nəfər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.26 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təbrik edirik, əyləşin.
Mikrofon verin.
Ə.Hüseynli. Gündəliyin 6-cı məsələsi. Şirvan Apellyasiya Məhkəməsi hakimliyinə namizədlər – 7 nəfər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.27 dəq.)
 Lehinə  97
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Təbrik edirəm, əyləşin.
Ə.Hüseynli. Və nəhayət, gündəliyin 7-ci məsələsi. Şəki Apellyasiya Məhkəməsi hakimliyinə namizədlər – 7 nəfər. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.28 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Təbrik edirəm, əyləşin.
Hörmətli yeni təyin olunmuş hakimlər, biz sizə gələcək işlərinizdə ədalət və uğurlar arzulayırıq. Cənab Prezident tərəfindən, Milli Məclis tərəfindən sizə böyük etimad göstərilib. Mən bir də hakimlərin təyin olunması məsələsində Ədliyyə Nazirliyinin gördüyü işləri çox yüksək qiymətləndirirəm. Azər müəllim, Sizi də təbrik edirik. Bütün məhkəmələrə işlərində uğurlar arzu edirik. Sağ olun.
Gündəliyin 8-ci məsələsinə keçirik – Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi barədə. Texniki məsələdir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bilirsiniz ki, bir müddət öncə Miqrasiya Məcəlləsi parlamentdə müzakirə olundu,  qəbul edildi. Miqrasiya Məcəlləsinin müzakirəsi zamanı millət vəkillərinin, beynəlxalq təşkilatların, bir sıra yerli təşkilatların təklifləri də müzakirə olundu və  qəbul edildi. Amma xatırlayırsınızsa, Miqrasiya Məcəlləsinin ilkin variantında qüvvəyə minmə müddəti iyun ayının 1-i idi. O zaman  millət vəkilləri də təklif etmişdilər ki, qüvvəyə minmə müddətini bir qədər təxirə salaq. Sonra qanunvericilik təşəbbüsü subyekti tərəfindən Miqrasiya Məcəlləsinin sentyabrın 1-də qüvvəyə minməsi təklif olundu.
Hörmətli millət vəkilləri, nəzərinizə çatdırmaq istəyirəm ki, bu yaxınlarda qanunvericilik təşəbbüsünün subyekti ilə bizim bir də müzakirəmiz oldu. Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı bir sıra fərmanların və Nazirlər Kabinetinin qərarlarının hazırlanıb təqdim olunması ilə bağlı işlər gedirdi və o işlər artıq başa çatıb. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə razılığa gəldik ki, Miqrasiya Məcəlləsi avqust ayının 1-dən qüvvəyə minsin. Bunu, xahiş edirəm, stenoqramda da qeyd edək. Məhz avqust ayının 1-dən. Bu barədə qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşmışıq. Bu, əslində, həm də onların təklifidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bu, texniki dəyişiklikdir. Buyurun, Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Oqtay müəllim, hörmətli Məclis! Bu qanun müzakirə olunub qəbul ediləcək. Bu barədə mənim heç bir sözüm yoxdur. Amma icazə verin, iki cümlə ilə bir az əvvəl baş vermiş hadisə ilə bağlı münasibətimi bildirim.
Hakimlik institutu çox ciddi bir institutdur. Bu adamlar uzun müddət Azərbaycanın hüquq mühafizə sistemində fəaliyyət göstərəcəklər. Məclis onları təsdiq eləyir. Sanki biz bunları əsgər göndəririk. Ümumi siyahı verilib. Heç kimin adı da səslənmədi. Siyahı üzrə – 8 nəfər,  durun ayağa, siz təsdiq olundunuz.
Mən bu iş qaydasını qəbul eləmirəm. Üzr istəyirəm, heç kimin xətrinə dəyməsin. Mən çox istərdim ki, onların adı, soyadı oxunsun, onlar ayağa dursunlar. Məclisdir bura. Qoy camaat baxsın, görsün, üzdən tanıyaq. Ümumi siyahı ilə mən tanımıram, 8 nəfərin hamısı kimdir. Bu, Məclisə də hörmət olardı və bu adamlara da hörmət olardı. Ümumi şəkildə 8 nəfər. Bir dəstə getdi Naxçıvana, bir dəstə Şirvana. Bu cür olmaz. Hara tələsirik? 30 adamın adı, familiyası səslənsə, onlar ayağa dursalar, Məclis onları görsə, tanısa, burada nə pis şey olardı? Ona görə də mən xahiş edirəm, gələcəkdə buna bənzər hadisələrdə mənim iradım nəzərə alınsın. Təşəkkür edirəm. 
Sədrlik edən. Sabir müəllim, Siz elə deyirsiniz ki, elə bil Sizdən başqa heç kim bu məsələləri fikirləşmir. Birincisi, hakimlərin hamısının tərcümeyi-halı sizin stolunuzun üstündədir. Bunlar hakimlərdir. Əksəriyyətinin pillələri dəyişir. Onları vaxtilə biz burada təsdiq eləmişik. Əgər kiminsə narazılığı, başqa fikri olsaydı, burada deyə bilərdi. Ümumi sözlə niyə danışırsınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz fikrinizi dediniz, mən qulaq asdım. Yerdən danışmayın, xahiş edirəm.
Yerdən.
(Eşidilmir.)
Sədrlik edən. Mən deyirəm, düz demirsiniz, o Sizin fikrinizdir, bu mənim fikrimdir. 
Yerdən.
(Eşidilmir.)
Sədrlik edən. Səs verməzdin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual verdin, cavab verdim, deyişmə aparmırıq ki burada.  Novruzəli Aslanov. Buyurun.
N.Aslanov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən, təbii ki, müzakirə olunan məsələyə öz müsbət səsimi verəcəyəm. Amma bir neçə dəqiqə bundan öncə hörmətli Fazil müəllimin verdiyi təkliflə əlaqədar qısa bir  arayış vermək istəyirəm ki, millət vəkilləri bundan məlumatlı olsunlar.
Bildiyiniz kimi, Əliağa Şıxlinski Qızıl Aypara Cəmiyyətinin təsisçisi kimi qəbul olunub və onun həyat yoldaşı ilk tibb bacısı kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixində öz əksini tapıb. Bununla əlaqədar olaraq cəmiyyətin rəyasət heyəti bu yaxınlarda ölkə rəhbərliyinə müraciət edərək onların məzarlarının köçürülməsi və ya yenidən qurulması barədə müvafiq təklif göndərəcək. Xahiş edirəm, bunları nəzərə alasınız. Təşəkkür edirəm.
Sədrlik edən. Gündəliyin 8-ci məsələsi hamıya aydın oldu. Bu, texniki dəyişiklikdir. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 12.35 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsi barədə. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu, layihənin ikinci oxunuşudur və o, ikinci oxunuşda əvvəl əsas kimi səsə qoyulmalıdır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.36 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə,  Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi xeyli müddətdir ki, Milli Məclisin İqtisadi siyasət komitəsi tərəfindən Hüquq siyasəti və dövlət quruculuğu  komitəsi ilə birlikdə müzakirə edilməkdədir. Millət vəkilləri xeyli təkliflər vermişdilər. Bu təkliflərin əksəriyyəti redaktə xarakterlidir. Onlar nəzərə alınmışdır.
Layihə Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini, məsuliyyətini və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.
Hazırda ölkədə sahibkarlıq sahəsində yoxlamaların həyata keçirilməsini tənzimləyən müxtəlif normativ aktlar mövcuddur. Aparılmış təhlillər göstərir ki, yoxlamaların aparılması ilə bağlı qanunvericilikdə mövcud olan pərakəndəlik yoxlamalar sahəsində boşluqların və sui-istifadəyə şərait yaradan halların hələ də mövcudluğuna səbəb olur. Yoxlamalar sahəsində sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra təsirli tədbirlərin görülməsinə baxmayaraq, təcrübə göstərir ki, bu sahədə münasibətlərin effektiv tənzimlənməsi, pərakəndəliyin aradan qaldırılması, habelə yoxlamaların təşkili və keçirilməsinə qabaqcıl yanaşmanın tətbiqi üçün məsələyə vahid qanunun  qəbulu kontekstindən baxılmalıdır.
Qabaqcıl yanaşmaya uyğun olaraq layihədə yoxlama cəza tədbiri kimi deyil, daha çox sahibkara kömək vasitəsi kimi qəbul edilir. Təcrübə göstərir ki, sahibkarlara onların fəaliyyəti ilə bağlı qanunvericiliyə dair məsləhətlərin verilməsi, qarşıya çıxan çətinliklərlə bağlı köməklik göstərilməsi, onların maarifləndirilməsi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Bu baxımdan layihədə yoxlayıcı orqan tərəfindən sahibkarlara məsləhətlərin verilməsi ilə bağlı müddəalar ayrıca nəzərdə tutulmuşdur. 
Millət vəkillərinə bildirmək istərdim ki, bizim dəfələrlə apardığımız müzakirələr nəticəsində bir sıra məsələlərə aydınlıq gətirilmiş, İqtisadi İnkişaf Nazirliyi və digər strukturlarla məsləhətləşmələr aparılmışdır. Komitənin iclasında millət vəkilləri bir daha vurğuladılar ki, bu qanunun qəbul edilməsi sahibkarlığın inkişafı üçün daha geniş imkanlar yaradacaqdır.
Bununla yanaşı, mən bir məsələni də qeyd etmək istərdim. Millət vəkillər qanun layihəsində  qanunun tətbiq dairəsinə həsr olunan 2-ci maddə ilə bağlı fikir söyləmişdilər. Təklif olunmuşdu ki, buraya bank və maliyyə strukturları da aid edilsin. Bununla bağlı biz dəfələrlə müzakirə apardıq. Lakin qanunvericilik təşəbbüsü ilə çıxış edən struktur bu müddəanı qəbul etmədi. Ona görə bizim millət vəkillərinin təklif etdiyi bir məsələ açıq qalmışdır.
Buna baxmayaraq, bir daha vurğulamaq istəyirəm ki, bu qanun ölkədə sahibkarlığın inkişafı üçün, lüzumsuz yoxlamaların aradan qaldırılması üçün vahid prinsipləri müəyyən edir və heç şübhəsiz ki, onun qəbulu sahibkarlığın inkişafına mane olan səbəblərin aradan qaldırılmasına öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən Ziyad müəllimin sonuncu sözlərindən başlamaq istəyirəm. O bildirdi ki, bu qanunun qəbul olunması sahibkarların hüquqlarının müdafiəsi baxımından bir sıra məsələləri həll edəcək. Amma mən tam qətiyyətlə söyləyə bilərəm ki, bu heç bir məsələni həll eləməyəcək. Çünki bizim ölkədə sahibkarlığın problemləri bu qanunla bağlı deyil. Azərbaycanda, ümumiyyətlə, “sahibkarlıq” sözünün gerçək mənası nədir –  bunu hamı bilir.
Bu qanun, təbii ki, xoş niyyətlə hazırlanır, yoxlamaların müəyyən dərəcədə sistemə salınması, özbaşınalığın olmaması üçün qəbul edilir. Amma real vəziyyət tamamilə başqadır. Axı son illərdə respublika səviyyəsində keçirilən bir neçə müşavirədə də sahibkarların icra hakimiyyəti başçıları tərəfindən incidilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, rayonlarda görülən bütün işlərin onlara gördürülməsi, pullarının ödənilməməsi faktları səsləndirilib. Yüzlərlə belə faktların qarşısındayıq. Hər hansı sahədə müəyyən bir fəaliyyət göstərmək üçün insanların fərqli orqanların qapılarında sürünməyini dəfələrlə qeyd eləmişik.
Ötən dəfə mən bu qanunu “Gender bərabərliyi haqqında” Qanunla müqayisə eləyəndə hörmətli Məlahət xanım bildirdi ki, elə deyil, o qanun çox yaxşı işləyir. Dedim, bir qadın göstərin ki, icra başçısı təyin olunub, heç olmasa, bilək ki, gender bərabərliyinə ən azı bir icra strukturunda əməl olunub.
Məncə, sahibkarlıqla bağlı məsələdə də bu qanunla ciddi tənzimləmə baş verməyəcək. Soruşacaqsınız ki, bəs onda ciddi tənzimləmənin olması üçün nə lazımdır?  Birinci növbədə Rəqabət Məcəlləsinin işləməsi lazımdır. Haqsız rəqabət ortadan qaldırılmalıdır. İkinci növbədə ölkədə müəyyən dərəcədə mal idxalı və ixracına  sərbəstlik verilməlidir. Üçüncü, vergi orqanlarının sahibkarlarla qeyri-rəsmi münasibətləri ortadan qaldırılmalıdır. Diqqət yetirilməlidir ki, audit yoxlamaları sahibkarları əzməsin. Dördüncü, iqtisadi təşəbbüskarlıq imkanı artırılmalıdır. Bu yoxdur. Kimsə hər hansı bir sahədə icazəsiz iş görməyə başlaya və ya biznesini inkişaf etdirə bilərmi? Mülkiyyət toxunulmazlığının təminatı nə səviyyədədir?
Bu cür qanunlarla özümüzü aldatmayaq. Azərbaycanda sahibkarlığın inkişafı üçün ilk növbədə inhisarçılıq ortadan qaldırılmalıdır. İnhisarçılıq, ola bilsin, bir neçə strateji sahədə saxlanıla bilər. Amma bizdə iynədən sapa qədər, meyvədən adi bir paltara qədər hər şeyin inhisara götürülməsi bir daha sübut edir ki, Azərbaycanda bu cür qanunlarla sahibkarlıq tənzimlənə bilməz.
Ona görə də mən bu qanunun işləməyən qanun olduğunu qeyd edərək bunun bir səmərə verməyəcəyi düşüncəsindəyəm və bunun əleyhinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Ümumiyyətlə, layihə barədə mənim fikrim müsbətdir. Ancaq iki maddəyə iradım var. Bunlardan biri 3.2-ci maddədir. Həmin maddədə deyilir: “Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə həyata keçirilmiş yoxlamaların, o cümlədən yoxlamaların, – bax burada “yoxlamaların” sözü  artıqdır, – vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların hüquqi nəticəsi yoxdur və onların gedişində aşkar olunmuş qanun pozuntuları barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Mən elə hesab edirəm ki, bu, yanlış müddəadır. Belə yoxlamalar nəticəsində aşkara çıxarılmış qanun pozuntularını diqqətdən kənarda qoymaq olmaz. İnsanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına mühüm zərər vurduğu aşkar edilmiş qanun pozuntuları, şübhəsiz, ciddi münasibət tələb edir. Bunlar digər yoxlamalar vasitəsilə aradan qaldırılmalı və təqsirli şəxslər cəzalandırılmalıdırlar. Fikrimcə, qanunda nəzərdə tutulmalıdır ki, həmin pozuntular təcili olaraq başqa yoxlamalar vasitəsilə diqqətlə araşdırılmalı və onların aradan qaldırılması üçün qanuni tədbirlər görülməlidir.
İkinci iradım 20-ci maddəyədir. Layihənin 20-ci maddəsində nəzərdə tutulmuşdur ki, yoxlama başlamazdan əvvəl yoxlayıcı özünü sahibkarın rəhbərinə təqdim etməlidir. Fikrimcə, burada “sahibkarın rəhbəri” ifadəsi düzgün deyil. Çünki sahibkar özü rəhbərdir. Buna görə də hesab edirəm ki, həmin maddədə “sahibkarın rəhbərinə” sözləri “sahibkara və ya onun” sözləri ilə əvəz edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlyas müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, xahiş edirəm, mənim əvəzimə Qənirə xanıma söz verəsiniz. Biz çıxış növbəsində yerlərimizi dəyişdik. Sağ olun.
Sədrlik edən. Buyurun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsini, təbii ki, mən də dəstəkləyirəm və millət vəkili həmkarlarımı da onu dəstəkləməyə çağırıram. Çünki bu yoxlamaların tənzimlənməsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsinə, doğrudan da, ciddi ehtiyac vardır. Mən hesab edirəm ki, sahibkarların maraqlarının müdafiəsinə yönələn bu qanun  sahibkarlıq fəaliyyətinə kifayət qədər kömək edəcək, ortada olan sui-istifadə hallarının qarşısının alınmasında öz rolunu oynayacaq. Təbii ki, ölkədə bu sahədə bir sıra işlər görülür, İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən addımlar atılır. Amma bu qanun sahibkarlıq sahəsində qeyd olunan problemlərin qarşısının alınması, sahibkarların maraqlarının təmin olunması və bütövlükdə ölkəmizin iqtisadi inkişafı üçün çox önəmlidir. Ona görə mən bunu dəstəkləyirəm.
Hörmətli Ziyafət müəllim, bu bizim sessiya çərçivəsində son iclasımızdır və bir də yay tətilindən sonra  iclaslarımız olacaq. Mən cari məsələlərlə bağlı çıxışa yazılmışdım, amma cari məsələlər ixtisara salındı və orada çıxış etmək imkanım olmadı. Ona görə icazənizlə bir məsələni çox qısa şəkildə söyləyəcəm. Vaxtınızı çox almayacağam. Niyə indi söyləmək istəyirəm? Çünki sentyabrın 15-i öncəsi bu məsələ onsuz da  qarşımıza çıxacaq. Ona görə çox istəyərdim bu məsələyə toxunum. Hörmətli Novruzəli müəllim də buna bir az qısa şəkildə toxundu. 
26 iyun Silahlı Qüvvələr günündə biz hamımız çox gözəl bir tədbirin,  cənab Prezidentin – Ali baş komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm paradının şahidi olduq. Bu, dostlara da, düşmənlərə də çox önəmli bir mesaj oldu. Amma biz, eyni zamanda, Silahlı Qüvvələrimizin,  milli ordumuzun yaranmasının 95-ci ildönümünü də qeyd edirik. 
O ağır illərdə milli ordumuzun yaranmasında çox böyük əməyi olmuş insanlar var ki, indi onlarla bağlı bəzi addımların atılması lazımdır. Söhbət bizim ilk hərbi nazirimiz general Səməd bəy Mehmandarovdan gedir. ANS televiziyasında onunla bağlı süjeti izlədim. Şəxsən mən  o süjetdə səslənən təklifi dəstəkləyirəm. Səməd bəy Mehmandarovun nə bir abidəsi, nə bir qəbir yeri var. Amma onun gəlin onun qəbir yerini göstərib. O yer Həzi Aslanovun abidəsinin sol tərəfindən təxminən 3 metr aralıdadır. General Mehmandarov o zamankı Çəmbərəkənd qəbiristanlığında basdırılıb. Sovet hakimiyyəti illərində orada Kirov üçün  park salınanda o qəbrin yerində balaca bir daş qoyulub. Sonra o daşı da ləğv ediblər.
Sentyabrın 15-i Bakının işğaldan azad olunması günüdür. Bakının rus bolşevik və erməni daşnak güclərindən təmizlənməsində Qafqaz İslam Ordusu ilə bərabər bizim Səməd bəy Mehmandarovun və Əliağa bəy Şıxlinskinin də böyük rolu olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra türk şəhidlərimizin də qəbri dağıdılmışdı. Amma Azərbaycan öz müstəqilliyini bərpa etdi və milli liderimizin göstərişi ilə o qəbirlərin olduğu yerdə gözəl bir xiyaban, gözəl bir şəhidlik salındı. Səməd bəy Mehmandarovun qəbrinin yerini ailəsi və tədqiqatçılar göstərib. Çox yaxşı olardı, məsələn, türk şəhidliyində elə Həzi Aslanovun abidəsinin yaxınlığında Səməd bəy Mehmandarovun qəbrinin olduğu yerdə onun abidəsi ucaldılsın. Fikrimcə, buna çox ehtiyac var.
Çar Rusiyasının artilleriya allahı deyilən və bizim milli ordumuzun qurulmasında, Bakının rus-bolşevik, erməni-daşnak qüvvələrindən azad edilməsində çox böyük rolu olan Əliağa bəy Şıxlinskinin də qəbri Yasamal qəbiristanlığında yaxşı vəziyyətdə deyil. Novruzəli müəllim dedi, Əliağa bəy Şıxlinski Qızıl Ayparanın da yaradıcısıdır. Yaxşı olardı ki, onun qəbri Fəxri Xiyabana köçürülsün və biz bu insanların ruhu qarşısında borcumuzu yerinə yetirək. Məncə, bu, sentyabrın 15-nə ən gözəl töhfə olardı.
Milli ordumuzun yaranmasında daha 12 generalımızın böyük xidmətləri olmuşdur. Sonralar onları xüsusi ordunun idarə rəisi Semyon Pankratov güllələmişdi. Mən onların adlarını sadalamıram, amma onlar Azərbaycanın fəxri, qüruru idilər. Onların da xatirəsinin ədədiləşdirilməsinə çox ciddi ehtiyac var. Bu  məsələlər sentyabrın 15-nə qədər əgər öz həllini tapsaydı, çox müsbət bir addım olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən müzakirəmizə çıxarılan layihəni iqtisadi maraqlarımız üçün çox əhəmiyyətli sənəd hesab edirəm, çünki bu dövlətin quruculuğunda sahibkarlar böyük bir qüvvə ilə iştirak edirlər.
Ötən dövr ərzində onların ayaq tutması, ölkə həyatında fəal şəkildə iştirak etməsi, sosial proseslərə töhfə verməsi üçün kifayət qədər mütərəqqi addımlar atılıbdır. Lakin ölkə başçısının qeyd etdiyi kimi, onların müxtəlif problemləri də mövcuddur. Ona görə də biz bu sahədə hüquqi bazanı təkmil etməsək, bu və ya digər məmurların sahibkarlara qarşı hansısa haqsız əməliyyatlar həyata keçirdiyini, ədalətsizliyə yol verdiyini hələ çox görəcəyik. Bu isə öz-özlüyündə yalnız ayrıca bir insanı narazı salmır, təkcə onun ziyanına işləmir, eyni zamanda, bundan büdcə də, bütövlükdə əhali də ziyan çəkir. Bu cəhətdən ölkənin sahibkarları nə qədər yaxşı yaşayacaqsa, bütövlükdə əhali də, millət də, xalq da ona uyğun yaşamış olacaqdır.
Bu mənada biz cənab İlham Əliyevin məhz sahibkarlar ordusu tərəfindən daha artıq dərəcədə müdafiə olunduğunu, onun liderlik keyfiyyətlərinin ən yüksək səviyyədə qəbul olunduğunu qeyd etməliyik. Çünki o, buna bağlı müxtəlif dövlət tədbirləri keçirməklə onların problemlərini dəfələrlə ən yüksək kürsüdən səsləndiribdir.
Amma etiraf etmək lazımdır ki, gerçəkliyimizdə bu problemlər hələ də var. Mən ötən dəfə bu qanun layihəsinin birinci oxunuşunda konseptual olaraq bir sıra təkliflərimi vermişdim. Amma burada 3-cü fəsildə göstərilən risk qruplarının müəyyənləşdirilməsində subyektivizmə yol verilməsin deyə, bunun daha da dəqiqləşdirilməsini, buna daha ciddi yanaşmanın olmasını  istəyirəm. Çünki bu və ya digər formada qanundakı boşluq sonradan ayrı-ayrı mədə maraqlarına töhfə vermiş olur. Kimini birinci risk qrupu, kimini ikinci risk qrupu sayacaqlar və o yoxlamalar da bu kateqoriyalardan asılı olaraq keçiriləcəkdir.
Yoxlama dünyanın hər yerində çox normal bir prosedurdur. Amma bizdə yoxlama adı gələndə sahibkarları əsməcə tutur. Ona görə ki, bu, real olaraq məhsulun keyfiyyətinin və sahibkarlıq fəaliyyəti ilə bağlı digər məsələlərin müəyyənləşdirilməsinə deyil, bir sıra hallarda, bayaq dediyimiz kimi, başqa məqsədlərə xidmət etmiş olur.
Bütövlükdə götürdükdə mən bu layihəni çox önəmli sayıram. O, korrupsiyaya qarşı mübarizə tədbiri kimi də önəmlidir. Çox arzulayıram ki, qanunun işləkliyi təmin olunsun. Biz Azərbaycanın gələcək dövrdə daha fərqli mənzərəsini görməyi arzulayırıq. Bu ölkə buna qadirdir. Bir daha da vurğulayım ki, əslində, ölkədə bütün bu nemətləri yaradan qüvvələr məhz sahibkarlardır.
Hörmətli Ziyafət müəllim, bu sessiyanın sonuncu iclas günündə   həmkarlarımızın məsələdən kənara çıxmasına çox səxavətlə yol verdiyinizə görə Sizə xüsusi təşəkkür edirəm. Mən də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə bağlı hərbi parada bir neçə cümlə ilə öz münasibətimi bildirmək istəyirəm. Heç şübhəsiz ki, bu, cəmiyyətə xeyli dərəcədə müsbət ton verdi, əhalinin Silahlı Qüvvələrə daha böyük etibarına, inamına təsir göstərdi.
Şübhəsiz ki, bu, Azərbaycanın siyasi danışıqlarda imkanlarını genişləndirir, eyni zamanda, bu dövr ərzində orduya yönələn vəsaitlərin doğru olduğunu sübut edir. Çünki biz bu bölgədə – Cənubi Qafqazda İsveçrə kimi neytrallıq saxlayaraq, hər bir dövlətdən bərabər məsafədə uzaqlaşaraq, heç bir hərbi formatlara yaxınlaşmayaraq təhlükəsizliyimizi qoruya bilməzdik.
Cənab Prezident sübuta yetirdi ki, bu dövr ərzində orduya yönələn vəsaitlər, investisiyalar yerində olub, uğurlu  olub. Çox müasir silahlar ki alınıbdır, onların hərbi-texniki xarakteristikası artıq deyilməkdədir. Əgər Azərbaycan Ermənistanı siyasi müttəfiqsiz qoysa, müharibənin taleyini 10 günün içində həll edə bilər. Azərbaycan ordusu buna qadirdir. Şübhəsiz ki, biz bunların hamısı ilə öyünürük. Gələcək dövrdə də Azərbaycanın ordu sistemində islahatlar davam etməlidir. Bu, milli potensialımızın təmin olunmasıdır və bütövlükdə ordu xalqa məxsusdur.
Amma ən başlıcası mən onu vurğulayardım ki, Azərbaycan vətəndaşının potensialına şübhə edənlərin qarşısına ordu qoyuldu. Bu, çarizm dövründə də, sovet illərində də, elə müstəqillik zamanında da hərbi sahədə imkanlarımıza şübhə edənlərə, “bu millət müstəqilliyə qadir deyil, öz ərazilərini qorumaq imkanında deyil, bundan zabit və əsgər çıxmaz” deyənlərə də bir cavab oldu. Hamı gördü ki, bu millət hərbi sahədə də ön cərgələrdədir və güclü ordu qurmağa qadirdir.
Hörmətli Fazil Mustafa və Qənirə xanım Paşayeva Silahlı Qüvvələrimizin 95 illiyi ilə bağlı müəyyən məsələlərə toxundular, qeyd etdilər ki, bu həm də ideya varisliyini qoruyub saxlama anlamında idi, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ordu quruculuğu işinə töhfə verənlərə münasibət idi.
Zənn edirəm ki, milli ordumuzun təməlini qoymuş şanlı generallarımıza – Səməd bəy Mehmandarova, Cəmşid Naxçıvanskiyə və digərlərinə münasibətimizi qəbir köçürmələri ilə nümayiş etdirməli deyilik. Ümumiyyətlə, bu qəbiristanlıq məfhumlarından da imtina etmək lazımdır. Bəlkə də bu, sovet dövrünün bir istilahı, bir məfhumudur.
Yaxşı olar ki, o məkan elə həmin adamların timsalında  bir xiyabana çevrilsin. Hökm deyil ki, şəhidlər xiyabanı olsun, amma bir xiyabana çevrilsin, abadlaşdırılsın. Bunun üçün vəsait Müdafiə Nazirliyi yanında Silahlı Qüvvələrə Yardım Fondundan ayrıla bilər.
Həmin generallara münasibət əski dövrdən, Cümhuriyyət dövründən Azərbaycan dövlətinin qurucularına münasibətdir. Əlamətdar günlərdə onların ziyarəti üçün də, vətənpərvərlik tərbiyəsi üçün də şagirdləri, məktəbliləri,  tələbələri, hərbi kursantları ora aparmaq yaxşı olardı. Hesab edirəm ki, onları yad etmək üçün xüsusi bir ünvan seçməyə ehtiyac yoxdur. Biz onları elə indi uyuduqları yerdə ziyarət edə bilərik.
Bütövlükdə götürdükdə mən bu sənədə səs verəcəyəm. Diqqətiniz üçün çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Mən çox üzr istəyirəm, Ziyafət müəllim, bəlkə bu qanun layihəsinin müzakirəsini ikinci oxunuşun proseduruna uyğun olaraq bitirək, ondan sonra başqa mövzuda danışmaq istəyən varsa, qalaq, başqa mövzuda danışaq, dinləyək, müzakirə edək. Yazılıb: filan qanun layihəsi, ikinci oxunuşda. Ona görə xahiş edirəm, bu qanun layihəsini ikinci oxunuşun proseduruna uyğun müzakirə edək, bitirək, səs verək, ondan sonra başqa məsələlərə keçək.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Tamamilə haqlı iraddır. Ona görə, xahiş edirəm, hörmətli həmkarlar, mövzudan kənara çıxmayın. Sədaqət Vəliyeva. Buyurun, Sədaqət xanım.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu mühüm qanuna səs verəcəyəm. Məlum olduğu kimi, hər bir ölkənin inkişafında azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi ümumi inkişafın göstəricisinə çevrilir.
Dövlət başçısı həmişə sahibkarların qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması bunu bir daha sübut edir. Yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalına təkan verib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıbdır. 
Qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməs son illər bu sahədə aparılan islahatların əsas istiqamətlərini təşkil edibdir. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Prezidentinin sərəncamı bu sahədə əsl dönüşə səbəb olubdur.
Düşünürəm ki, müzakirəsini apardığımız sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun da bu sahənin əhəmiyyətli şəkildə inkişafına öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli Oqtay müəllim!  Mən bu qanuna dolayı yolla aidiyyəti olan bir məsələyə toxunmaq istəyirəm. Bu da sahibkarlıq işidir, amma sahibkarlıq işi nəzarətsiz buraxılanda  ölkəyə ciddi zərər vura bilər. Son vaxtlar Bakının bir sıra ticarət obyektlərində üstündə Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların adları,  məhəllə və yer adları yazılmış müxtəlif əşyalar, məsələn, papaqlar,  köynəklər satılır.
Mən başa düşmürəm, bu əşyalar nəyə xidmət edir. Əgər Azərbaycanın ümumi reklamına xidmət edirsə, milli birliyə xidmət edirsə, yaxud konkret müəssisənin təbliğinə xidmət edirsə, buna normal baxmaq olar. Amma indiki vaxtda birdən-birə üstündə talış, avar, ləzgi, kürd və sair etnik adlar yazılmış bir papaq satışa çıxarılırsa, bu papaqlar nə məqsəd daşıyır və bu haradan idarə olunur? Ona görə mən çox istərdim ki, bizim əlaqədar təşkilatlar bu cür əşyaların satıldığı müəssisələrlə maraqlansınlar və görsünlər, bu əşyalar Azərbaycana haradan gəlir, bunları ölkəmizə kim ötürür. Onda bu sahibkarlığın Azərbaycana bu cəhətdən nə qədər ziyan vurduğu da, yəqin ki, aşkara çıxarıla bilər.  Belə şeylərə yay uzunu, xüsusən dəniz mövsümündə ehtiyac olur. Mən istərdim ki, indidən buna bir diqqət yönəldilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Hesab edirəm ki, bu qanun, doğrudan da, sahibkarlıq fəaliyyətinin yoxlanması ilə bağlı məsələlərin tənzimlənməsinə öz töhfəsini verəcək. Ona görə bu qanunun qəbul edilməsi normal qəbul olunmalıdır.
Əlbəttə, mən o fikirdə deyiləm ki, bu qanunun qəbulu ilə həmin sahədəki bütün problemlər aradan qalxacaq. Problemlərin böyük bir hissəsi həm də sahibkarlarımızın qanunlarla fəaliyyət göstərməməsindən qaynaqlanır. Hamı çalışır ki, bu və ya digər formada vergidən yayınsın, yaxud daha az vəsait xərcləməklə daha çox gəlir əldə etsin. Bu da, sözsüz ki, sonda məhsulların keyfiyyətinə mənfi təsir göstərir.
Çox təəssüf ki, bu gün bizim kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın ərzaq tələbatını ödəmir. Azərbaycanda kifayət qədər tanınmış brendlər var. Onlar öz məhsullarını hətta xaricə belə ixrac edirlər.  Amma ümumilikdə götürəndə, bizim mağazalarda yeyinti məhsullarının böyük əksəriyyəti xaricdən ixrac olunan məhsullardır. Bunun da bir səbəbi əhalinin bizim ölkədə istehsal olunan məhsulların keyfiyyətinə etimadının olmamasıdır. Bunda əhali müəyyən mənada haqlıdır.
Qanunun 10.3.1-ci maddəsində qeyd olunur ki, yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə yoxlamalar 6 ayda bir dəfədən çox olmayaraq keçirilir. Mən hesab edirəm ki, yeyinti məhsullarında yoxlamalara müəyyən müddətin qoyulması düzgün deyil. Çünki bu məhsulların keyfiyyəti hər gün dəyişə bilir. Yəni hər hansı bir sənaye məhsulu, məsələn, elektrik naqili keyfiyyətli buraxılırsa, o cür də davam edə bilər. Amma yeyinti məhsullarında, – bu, xüsusilə ət, süd məhsulları  və  meyvə şirələri ilə bağlıdır, – biz yoxlayıcı orqanlara imkan verməliyik ki, istənilən vaxt belə yoxlamalar apara bilsinlər.  Mənə elə gəlir ki, burada biz əhalinin maraqlarını sahibkarın maraqlarından üstün tutmalıyıq.
Düzdür, 16-cı maddədə plandankənar yoxlamalar da nəzərdə tutulur. Amma düşünürəm ki, bu plandankənar yoxlamalar konkret müraciətlərə əsaslanmalıdır. Bir çox hallarda bizim vətəndaşlarımız mağazadan nə isə alır və görürlər ki, onun keyfiyyəti standartlara cavab vermir, amma heç kim  gedib bu barədə müvafiq qurumlara müraciət etmir. Ona görə biz bu məsələdə müvafiq yoxlayıcı orqanların üzərinə daha çox məsuliyyət qoymalıyıq ki, onlar bu problemləri aradan qaldırsınlar. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, Sizin dediklərinizdə müəyyən qədər həqiqət olsa da, nəzərə alın ki, bizdə yeyinti sənayesi də çox yüksək  sürətlə inkişaf edir. İndi hər şeyi keyfiyyət həll edir. İnsanlar artıq keyfiyyətə öyrəniblər. Bu, bazar iqtisadiyyatıdır, keyfiyyətsiz mal  rəqabətə dözməyəcək. Bu qanunun əsas məqsədi isə sahibkarları ifrat yoxlamalardan qorumaqdır. İndi təzədən biz o müddəanı əlavə edəndə bu qanunun mənası itir. Siz özünüz söylədiniz ki, növbədənkənar yoxlamalar da olacaq.  Siqnallı yoxlamalar keçirilə bilər.
Hörmətli millət vəkilləri, bu qanun 38 maddə, 10 fəsildən ibarətdir. İkinci oxunuşdur. Mən təklif edirəm, fəsilləri beş-beş səsə qoyaq. Etiraz yoxdur? Xahiş edirəm, birinci beş fəslə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.08 dəq.)
 Lehinə  93
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
6–10-cu fəsillərə münasibət.

Səsvermənin nəticələri  (saat 13.09 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi isə ikinci oxunuşda qanun layihəsini bütövlükdə səsə qoyuruq.

Səsvermənin nəticələri  (saat 13.09 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, bu, növbədənkənar sessiyanın son iclasıdır, sonra məzuniyyətə gedəcəyik. Bu qanun layihəsinə çox dəyişiklik təklif olunmadı. Əgər etiraz etmirsinizsə, qanunun vacibliyini nəzərə alaraq onu üçüncü oxunuşda da səsə qoyaq,  qəbul edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə isə, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbədənkənar yaz sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, sizin hamınıza xoş istirahət arzulayıram. İnşallah, gələn sessiyaya qədər. Sağ olun. 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU