13.11.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  75

Mill Məclisin  iclas  salonu.
13  noyabr  2013-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədr O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 97
Yetərsay 83

 İclasa dəvət olunmuşlar:

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Elmir Vəlizadə, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Etibar Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini. 
Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış mimimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, İqbal Ağazadə, Elton Məmmədov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Astan Şahverdiyev, Qənirə Paşayeva, Eldar İbrahimov, Abel Məhərrəmov, Rafael Cəbrayılov, Ziyafət Əsgərov, Musa Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Sahibə Qafarova, Elmira Axundova, Asim Mollazadə, Bəxtiyar Əliyev, Azay Quliyev, Elman Rüstəmov, Aqiyə Naxçıvanlı, Ceyhun Osmanlı, Mirkazım Kazımov, Əhliman Əmiraslanov, Yevda Abramov, Azər Badamov, Gövhər Baxşəliyeva.

 

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr
 O. ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

13  noyabr  2013-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Müzakirəni davam etdiririk. Buyursun İqbal Ağazadə. Dünənki siyahıdır, onunla davam edirik.
Bir dəqiqə, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir  97
Yetərsay  83

Yetərsay var, təşəkkür edirəm. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli cənab Baş nazir, dəyərli millət vəkilləri! Mən də büdcə ilə bağlı fikirlərimi bildirmək istəyirəm və inanıram ki, büdcənin müzakirəsində söylədiyim fikirlər hörmətli hökumət nümayəndələri tərəfindən həm gələcək fəaliyyət, həm də müəyyən olunmuş dövr üçün nəzərə alınacaq.
İlk növbədə, onu qeyd edim ki, dəfələrlə burada dövlət büdcəsinin formalaşması zamanı Dövlət Neft Fondundan transfertlərin miqdarının artıq olması barədə fikirlər bildirmişəm. Çox sevinirəm ki, artıq bu tendensiya başlayıb, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin miqdarı bu il əhəmiyyətli dərəcədə azalıb. İnanıram ki, növbəti illərdə hökumət Milli Məclisə büdcənin formalaşdırılması ilə bağlı Dövlət Neft Fondundan transfertlərin limitini müəyyən eləyən bir layihə də təqdim eləyəcək. Müəyyən bir dövr keçəndən sonra isə artıq Dövlət Neft Fondundan 15, maksimum 20 faizdən yuxarı transfertlərə qadağa qoyulacaq və ölkə tək sektorlu inkişaf mərhələsindən yeni mərhələyə – çoxşaxəli iqtisadi inkişafa qədəm qoyacaq.
Niyə tək sektorlu inkişaf mərhələsi deyirəm? Çünki təqdim olunan sənədlərə baxarkən çox aydın görünür ki, bu gün Azərbaycan əhalisinin 46 faizi kənd rayonlarında yaşayır. Bu o deməkdir ki, ölkə əhalisinin təxminən yarısı aqrar sektordadır. Amma ölkənin ixrac potensialının 95 faizinə qədəri neft sektorunun üzərinə düşür. Bu onu göstərir ki, Azərbaycanda ixrac potensialı bütövlükdə bir sektorun, neftin üzərində qurulub ki, bu da Azərbaycanın gələcəyi üçün, o cümlədən demoqrafik balansın saxlanılması və əhalinin işsizliyinin aradan qaldırılması istiqamətində ümidli və ürəkaçan nə isə vəd eləmir.
İkinci, diqqət etsək, ixrac əməliyyatlarında özəl sektorun payı cəmi 5,2 faiz təşkil edir. Ölkənin ixrac potensialının 94 faizi dövlət sektorunun payına düşür. Bu da nəticə etibarilə onu göstərir ki, Azərbaycanda yeni, azad iqtisadi münasibətlər sistemi seçilsə də, əslində, dövlət bütövlükdə yenə də ixrac potensialını öz əlində saxlayır və özəl sektorun inkişafı heç də söylənilən rəqəmlərdəki kimi ürəkaçan deyil. Özəl sektorun payına cəmi 5,2 faiz düşür ki, bu da 1,2 milyard ABŞ dolları təşkil eləyir.
İdxal əməliyyatlarında da özəl sektorun payı 74, dövlət sektorunun isə 21 faizdir. İdxal əməliyyatlarında özəl sektorun payına 74 faiz düşməsi bilavasitə ölkənin ərzaq təhlükə-sizliyi ilə bağlı olan məsələdir. Ölkənin ərzaq potensialında, istehlak bazarında əhalinin tələbatını nəzərə alan hökumət gərək daxili bazarın tənzimlənməsi və ərzaq təhlükəsizliyi-nin gələcək perspektivləri barədə ciddi düşünəydi və ölkədəki problemlər yeni bir yanaşma ilə həll oluna idi.
Üçüncü deyəcəyim məsələ əmək haqqı və əhalinin gəlirləri ilə bağlıdır. Diqqət edirəm ki, dövlət bölməsində çalışanların orta aylıq əmək haqqı 332 manat, özəl bölmədə 496 manat, qeyri-neft sektorunda 367 manat, neft sektorunda isə 1413 manat təşkil edir. Bu da onu göstərir ki, dövlət bölməsində çalışanların əmək haqqı da olduqca aşağıdır.
Ən başlıcası, dövlət bölməsində çalışan işçilərin sayı təxminən 900 min nəfərdir. Diqqət edirsiniz, bayaq qeyd etdiyim kimi, azad bazar münasibətləri sistemi qurmuş bir ölkədə dövlət iqtisadiyyatının dövlət bölməsində 900 min nəfərə qədər adam çalışır. Qeyri-dövlət bölməsində isə cəmi 578 min adam çalışır. Bu da onu göstərir ki, bayaq qeyd etdiyim kimi, dövlət, hökumət hələlik tək sektorlu inkişaf mərhələsindən çıxa bilməyib.
İqtisadiyyata bu cür baxış, onun bu şəkildə idarə olunması hər halda müsbət tendensiya deyil və yeni iqtisadi doktrina qəbul olunaraq bunların hamısı dəyişilməlidir. Əks halda çox ciddi problemlərlə üz-üzə qala bilərik və əgər belə davam etsə, qalacağıq da. Çünki ölkənin yeraltı və yerüstü potensialı daimi, əbədi deyil. Həmçinin dünyadakı qiymətlər sistemini biz müəyyən eləmirik, biz tənzimləmirik. Bu tənzimləmə bizim üzərimizdə olmadığına görə, hesab edirəm ki, bu problemlər bizi çox ciddi şəkildə narahat edəcək.
Hörmətli maliyyə naziri Milli Məclisin komitə iclaslarında qiymət artımı ilə bağlı anonslar verdi. Bu, Azərbaycan vətəndaşlarını çox ciddi şəkildə narahat edir. Qiymət artımına ehtiyac nədən yaranıb? Niyə Azərbaycanda işığın, qazın, suyun, digər xidmət sahələrinin qiymətləri artırılmalıdır? Çox istərdim ki, hörmətli hökumət üzvləri ilk növbədə buna aydınlıq gətirsinlər. Azərbaycanda işığın, qazın, suyun və digərlərinin minimal hesabla göstəriciləri, məsələn, bir kilovat-saat elektrik enerjisinə xərclənən pulun miqdarı, yəni onun maya dəyəri nə qədərdir?
Biz keçən iclasların birində bu barədə danışdıq və mən maya dəyəri ilə bağlı rəqəmlər səsləndirdim. Azərbaycanda 1 kilovat elektrik enerjisi təxminən 4,2 qəpiyə başa gəlir, 6 qəpiyə satılır. Nədən bu dəyişilir? Qaz da, su da, digər sahələr də bunun kimi. Bu gün əhalinin vəziyyəti elə səviyyədə deyil ki, bu artımdan sonra o ödənişlərə imkanı çatsın. Şəhər əhalisi və digərləri bu istiqamətdə imkanlı görünə bilərlər, amma Azərbaycanın kənd rayonlarında, aztəminatlı ailələrdə bu olduqca ciddi bir problem yaradacaq və əhali bundan narahatdır. Siz bilirsiniz, təkcə bu xidmət sahələrinin, enerji daşıyıcılarının qiymətlərinin qalxması ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiyməti-nin ən azı 70 faiz qalxmasına səbəb olacaq. Onda gəlin diqqət edək ki, biz əmək haqqını neçə faiz qaldırmışıq? Hökumət bu istiqamətdə vətəndaşın sosial vəziyyətini yaxşılaşdıra biləcək və güvənli təminat verəcək hansı bir siyasəti ortaya qoyub? Son dövrlərdə əmək haqqı artımları 10–15 faizdən o tərəfə keçməyib. Qiymətlərin adicə 15–20 faiz qalxması, qeyd etdiyim kimi, – bunu iqtisadçılar çox gözəl bilirlər, – ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərinin 80 faiz qalxması deməkdir. Hökumət bu barədə ciddi dü-şünməli, əhalinin vəziyyətini nəzərə almalı və heç bir halda qiymət artımını gerçəkləşdirməməlidir.
Mən bir neçə kəlmə də Naxçıvandakı vəziyyətlə bağlı demək istəyirəm. İranla bağlı problemlər, bilirsiniz ki, Naxçıvanı çox çətin bir duruma salır. İranla problemləri yaşanarsa, Azərbaycanla birbaşa quru sərhədi olmayan Naxçıvanın, oradakı vətəndaşlarımızın çox böyük problemləri olacaq. O problemlərin aradan qaldırılması istiqamətində hökumət ciddi, tədbirli, təsirli addımlar atmalı və üzü qışa gedərkən in-sanlarımız heç bir çətinlik çəkməməlidirlər.
Mən həm də həkimlərin, müəllimlərin maaşlarının artırılması üçün Azərbaycan hökumətinin ciddi düşünməsini istərdim. Müəllimlərin və həkimlərin maaşları aşağı səviyyədə qaldıqca orada olan problemlər cəmiyyətin bütün təbəqələrini bürüyür. Cəmiyyətin sağlamlığı və təhsili bir nömrəli məsələdir. Başqa sferalara qoyulan vəsaitlər, investisiyalar davamlı, ardıcıl, stabil olmur və o qədər də gəlir gətirmir. Təhsilə, insanların sağlamlığına qoyulan investisiya isə bir millətin gələcəyini, taleyini müəyyənləşdirir. Hesab edirəm, hökumət bu istiqamətdə ciddi şəkildə çalışmalıdır.
Siyasi institutlar da cəmiyyətin bir hissəsidir. Çox istərdim ki, siyasi institutların, kütləvi informasiya vasitələrinin ayaqda durması üçün hökumət ciddi addımlar atsın. Partiyaların da maliyyələşməsində artım nəzərdə tutulmalıdır ki, bu siyasi institut cəmiyyətin bütün təbəqələrinə nüfuz eləyə bilsin və demokratikləşmə genişlənsin. Təşəkkür edirəm, çox minnətdaram.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, mən komitələrin iclasında elə bir anons eşitməmişəm. Maliyyə nazirinin boynuna yük qoyursan ki, anons verib. Özün anons verirsən, özün də təhlil edirsən. Yəqin, maliyyə naziri sabah bu suallara cavab verəcək. Xahiş edirəm, çıxışlarınıza bir az diqqət edin. Buyursun Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Qeyd etmək istəyirəm ki, müzakirəmizə təqdim olunmuş 2014-cü ilin büdcə layihəsi çox mükəmməl hazırlanmışdır. Büdcə sənədləri ilə bağlı hörmətli Ziyad Səmədzadə, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov ətraflı məlumat verdilər.
İlk növbədə, gələn ilin dövlət büdcəsinin sosialyönümlü və sığortalı olması ilə fərqlənməsini qeyd etməyi özümə borc bilirəm. Büdcədə nəzərdə tutulan artımlar və para-metrlər hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafından xəbər verir. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Türkiyə Cümhuriyyətinin ən ali mükafatı olan “Dövlət nişanı” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edirəm.
Büdcə sənədlərində komitəmizlə əlaqədar sahələrə lakonik şəkildə toxunmaq istəyirəm. Ölkəmizdə ekologiya problemlərinin həlli və ətraf mühitin qorunması baxımından cari ildə ardıcıl tədbirlər görülmüşdür. Bu tədbirlərin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, sənaye müəssisələrinin yaşıl iqtisadiyyat prinsipi əsasında fəaliyyət gös-tərməsinə nail olunması, enerji səmərəliyinin təmin olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, biomüxtəlifliyin davamlılığının təmin edilməsi, Xəzər dəni-zinin, ətraf mühitin mühafizə olunması, atmosfer havasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması, çirklənmiş ərazilərin, o cümlədən göllərin ekoloji bərpası, bərk məişət və sənaye tullantılarının vahid idarə olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi bu qəbildən olan məsələlərdir.
Növbəti ilin büdcə zərfinə daxil olan sənədlərdən göründüyü kimi, təbii ehtiyatların hasil olunmasında müasir texnologiyaların cəlb edilməsi, dünya ölkələrinin enerji ixrac-çısı kimi Azərbaycana maraqlarının artması təmin ediləcəkdir. Bu baxımdan enerji müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi, ölkənin neft-qaz emalı və neft-kimya komplekslərinin müasirləşdirilməsi və yenidən qurulması, ixrac məqsədi ilə neft-qaz fəaliyyətinin intensivləşdirilməsi, ilkin və təkrar neft-qaz resurslarının ixrac potensialının artırılması, neft-qaz resurslarının ixracı sahəsində ölkənin nəqliyyat müstəqilliyinin möhkəmləndirilməsi nəzərdə tutulur ki, bu da bizim böyük uğurlara imza atacağımızdan xəbər verir. Neft-qaz hasilatı sahəsində innovativ texnologiyalardan, o cümlədən nano-texnologiyalardan istifadənin genişləndirilməsi davam etdiriləcəkdir.
Energetika sahəsinin inkişafı, o cümlədən onun səmərəliyinin artırılması məqsədi ilə tədbirlər planının davam etdirilməsi büdcə zərfində nəzərdə tutulmuşdur. Qaz təchizatının yaxşılaşdırılması sahəsində də bütün istiqamətlərdə həyata keçiriləcək tədbirlər büdcə zərfində öz əksini tapmışdır. Bu sözləri həmçinin əhalinin fasiləsiz su təchizatı ilə bağlı da söyləmək olar.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafının əsas şərtlərindən biri Azərbaycanın ərazisindən keçən tranzit neft və qazın müvəffəqiyyətlə dünya bazarına çatdırılmasıdır. Xəzər regionunda, o cümlədən Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarına çatdırılması üçün strateji məqsədlərdən biri də Transxəzər qaz boru kəmərinin inşası layihəsinin həyata keçirilməsidir. Azərbaycanın perspektiv yataqlarından, eləcə də regionun digər ölkələrində hasil olunacaq təbii qazı nəql edəcək Transanadolu və Transadriatik boru kəmərləri ilə yanaşı, gələcəkdə Cənub dəhlizi layihəsi çərçivəsində alternativ marşrut olan Nabukko Vest qaz boru kəmərindən, eləcə də Cənub-Şərqi Avropanın mövcud və perspektiv boru kəməri, ara bağlantıları və birləşmələri sistemindən istifadə edilməklə Avropanın təbii qaza ehtiyacının böyük hissəsinin ödənilməsi təmin ediləcək və Azərbaycan dünyada aparıcı karbohidrogen ixracçısı kimi tranzit ölkələrdən birinə çevriləcəkdir.
Azərbaycanın geosiyasi və geostrateji mövqeyinin tranzit mərkəzinə çevrilməsi üçün zəmin yaratması, ölkəmizin tranzit imkanlarının getdikcə genişlənməsi tranzit haqqında qanunun qəbuluna ehtiyac olduğunu bir daha təsdiqləyir. Tranzit mövqeyimizin əlverişli olması iqtisadiyyatımızın hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Hesab edirəm, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası ölkəmizin iqtisadiyyatının daha da güclən-məsinə, infrastrukturun və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradacaqdır. Mən müzakirə etdiyimiz sənədləri hazırlayan bütün hökumət üzvlərinə minnətdarlığımı bildirir, onlara həm dövlət büdcəsinin icrasında, həm yeni təyinatlarında, həm də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Müzakirələrdən sonra 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli hökumət nümayəndələri, hörmətli deputatlar! Mən ilk öncə Nazirlər Kabinetinin üzvlərini təyinat münasibəti ilə təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram. Oqtay müəllim, İqbal Ağazadə də qeyd elədi, mən də büdcə ilə bağlı fikirlərimi söyləməmişdən öncə Naxçıvanda yaranmış vəziyyətlə bağlı fikirlərimi bildirmək istəyirəm. Bilirsiniz ki, sabah dünyadakı bütün şiə müsəlmanları Aşura gününü qeyd eləyir. Amma çox təəssüf ki, özünü İslam respublikası adlandıran İran Naxçıvan Muxtar Respublikasının yolunu bağlayıb qadınları, uşaqları, yaşlıları çörəklə imtahana çəkmək istəyir.
Məqsəd bəllidir. Bilirsiniz ki, Rusiyada miqrantlara qarşı böyük bir hücum başlanıb, burada da İran dərhal hərəkətə keçib və Rusiyanın əlavəsi kimi fəaliyyət göstərir. Prezident seçkiləri öncəsi Rusiya Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə burada Milli Şura yaradanda İran da bütün tör-töküntülərinə göstəriş vermişdi ki, bura doluşsunlar. Amma Rusiya geri çəkilən kimi, onların da hamısı müxtəlif bəhanələrlə oradan qaçdılar. Biri dedi, elə-belə adımı yazıblar, o biri dedi, məndən xəbərsiz yazıblar və sair. İndi də eyni proses davam edir.
Vaxtilə Yezid İmam Hüseynin tərəfdarlarını təslim etmək üçün onların suyunu kəsmişdi, indi də İranın rəhbərliyi eyni hərəkəti edir, Yezid kimi davranır. Biz Milli Məclis olaraq bunu qətiyyətlə pisləməliyik və bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına və BMT-yə müraciət eləməliyik.
İranda 30 milyona qədər azərbaycanlı yaşayır, amma onların çoxunda hələ milli şüur oyanmadığına görə İran hökumətinə təsir imkanları məhduddur. Ona görə biz diaspor fəaliyyətini gücləndirməliyik. Mən təəssüf edirəm ki, büdcədən Diasporla İş üzrə Dövlət Komitəsinə cəmi 3–4 milyon vəsait ayrılıb. Bu vəsaitlə nə iş görmək olar? Bunu ən aşağısı 10 dəfə artırmaq lazımdır ki, bu komitə normal fəaliyyət göstərə bilsin. Əgər azərbaycanlılar milli kimliklərini dərk eləsəydilər, indi İrandakı mollaların cəsarəti çatmazdı ki, Azərbaycanla bu cür davransınlar.
İkincisi, mən İranın buradakı tör-töküntülərinə müraciət edirəm. Vaxtaşırı burada müsəlman həmrəyliyindən çıxış edərək İsrailin, Amerikanın bayraqlarını yandırırsınız. İndi kişiliyiniz çatsın, bir dəfə də Naxçıvanın yolunu bağlayan, müsəlmanları ac-susuz qoyan İrana etiraz eləyin.
Büdcə ilə bağlı onu söyləmək istəyirəm ki, çox təəssüf ki, yenə də təmir-tikinti işlərinə böyük vəsait ayrılıb. Müdafiə xərclərinə isə büdcənin cəmi 8,2 faizi ayrılır. Torpaqlarımı-zın 20 faizi işğal altında ola-ola müdafiə xərclərinə 8,2 faiz vəsaitin ayrılması qətiyyən yolverilməzdir. Torpaqları işğal olunmayan ölkələr var ki, büdcənin 24 faizə qədərini hərbi xərclərə ayırırlar. Hərbi xərclər ən azı 20–22 faizə çatdırılmalıdır. Bir tərəfdən Rusiya, o biri tərəfdən Ermənistan, digər tərəfdən İran – hamısı Azərbaycana təzyiqlərini davam etdirir. Belə bir vaxtda Azərbaycanın güclü ordusu olmalıdır.
Sonra, mərkəzləşdirilmiş xərclərdən ayrılan dotasiyalar barədə danışmaq istəyirəm. Naxçıvan blokada vəziyyətindədir, çoxları da istəyir ki, bu cür təzyiqlərlə Naxçıvan boşalsın. Məsələn, Naxçıvana 5,4 faiz artım nəzərdə tutulur. Gəncə bizim ikinci sənaye şəhərimizdir, özü də Gürcüstanla Avropaya çıxış yolu oradan keçir. Məsələn, Gəncəyə 7,7 faiz, Xaçmaza 10,6 faiz artım nəzərdə tutulub. Mən demirəm ki, niyə bunlara çox ayrılıb, azalmalıdır və sair. Sadəcə, Naxçıvana ayrılan dotasiyanın həcmi artırılmalıdır ki, orada yeni iş yerləri açılsın. Ora investisiya qoyulmalıdır ki, Naxçıvan boşalmasın.
Bundan başqa, büdcədə özəlləşdirmədən bir manat da olsun gəlir nəzərdə tutulmur. Belə çıxır ki, 2014-cü ildə Azərbaycanda özəlləşdirilmə həyata keçirilməyəcək. Amma burada səhiyyədən, təhsildən danışıldı. Məsələn, bu il BMT-nin Beynəlxalq Əmək Təşkilatının açıqladığı rəqəmə görə, dünyada orta aylıq əmək haqqı 1480 dollardır. Azərbaycanda isə həkimin və müəllimin orta aylıq əmək haqqı 200 dollara qədərdir. Ümumdünya göstəricisindən 7 dəfə aşağıdır. Bunu da 10 faizlə aradan qaldırmaq, müəllimlərin və həkimlərin normal fəaliyyətini təmin eləmək mümkün deyil. Yeganə yol səhiyyə obyektlərinin və ali təhsil müəssisələrinin özəlləşdirilməsidir. Biz buna getməliyik. Məcburi icbari sığortaya keçilməlidir ki, həkimlər 10–15 min manat maaş ala bilsinlər. Biz lap həkimin maaşını qaldırıb 1000 manat eləyək, yenə o, normal dolana bilməyəcək. Ona görə də təhsildə köklü islahatlar aparılmalıdır.
Elmə 0,7 faiz vəsait ayırmışıq. Normal ölkələrdə bu, 4 faizdir. Milli Elmlər Akademiyasının institutlarına ali təhsil müəssisəsi statusu verilməli, onlar ixtisaslaşmış institutlar olmalıdır. Milli Elmlər Akademiyasının tərkibində olacaq institutlar da özəlləşdirilməlidir. Yenə də söyləyirəm, biz başqa cür təhsilin problemlərini həll etmək gücündə deyilik.
Məktəbəqədər müəssisələr. Azərbaycanda ailələr uşaqlarını qoymağa bağça tapmırlar. Güzəştli kreditlər verilməlidir ki, çoxlu sayda məktəbəqədər müəssisələr yaradılsın. Bütün uşaqlar bağçalardan məktəblərə getməlidirlər.
Bundan başqa, Prezident bir neçə gün öncə təhsilin inkişafı ilə bağlı xüsusi bir sənəd imzaladı. Orada təhsil kreditlərinin verilməsi nəzərdə tutulur. Amma büdcədən bu məqsədlə bir manat da ayrılmayıb. Bəs bu proqram necə həyata keçiriləcək? Mən hesab edirəm ki, bu məsələyə də xüsusi diqqət yetirmək lazımdır.
Azərbaycanda hazırda ən çətin, ağrılı problemlərdən biri texniki peşə təhsili ilə bağlıdır. Seçki ərəfəsində mənim Sabirabadda görüşüm oldu. O regionda ən böyük texniki peşə məktəblərindən biri həmin rayondadır. Orada kənd təsərrüfatı ilə əlaqədar peşələr öyrədilir, mexanizatorlar və sair hazırlanır. Dağılıb gedir. Xahiş elədilər ki, mən bu məsələni qaldırım, orada təmir işləri görülsün.
Hökumət üzvləri burada əyləşiblər, mən dəfələrlə o sualı Mərkəzi Bankın İdarə Heyətinin sədrinə vermişəm. Cənab Prezident də vaxtilə Nazirlər Kabinetinin iclasında göstəriş verdi ki, xaricdə saxlanan neft pullarından, heç olmasa, 2 milyard manat Azərbaycana gətirilsin, Azərbaycan banklarında yerləşdirilsin. Bir dəfə Elman Rüstəmov mənə cavab verdi ki, Azərbaycan iqtisadiyyatı imkan vermir ki, biz o pulları gətirək. Mən dəfələrlə söyləmişəm, onsuz da Azərbaycan bankları xarici banklardan 7 faizlə kredit götürür, öz sahibkarlarımıza 16, bəzən daha yüksək faizlərlə verirlər.
Hesablama Palatasının bizə təqdim elədiyi məlumata görə xaricdə saxlanan pulların illik gəlirlilik əmsalı 0,89 faizdir. Heç 1 faiz də deyil. Olmazmı ki, onun bir hissəsini gətirib 10 faizlə azərbaycanlı sahibkarlara verək ki, yeni iş yerləri açılsın?
Yaxud biz bazar iqtisadiyyatına keçmiş ölkəyiksə, niyə dövlət hesabına bu qədər yeni müəssisələr tikilir? Olmaz ki, həmin səhiyyə obyektlərinə müsabiqə elan olunsun? Tutaq ki, Xaçmazda yeni xəstəxana tikmək lazımdır. Biri bəlkə deyəcək ki, vəsaitin 20 faizini qoyuram, 80 faiz də mənə güzəştli kredit verilsin. Bunu sahibkar tiksə, həm 3 dəfə ucuz başa gələcək, həm də keyfiyyət daha yüksək olacaq. Sonra həmin sahibkar vəsaiti qaytaracaq, yenidən başqa bir sahibkara veriləcək.
Bazar iqtisadiyyatına keçmişiksə, niyə hər şeyi dövlət eləməlidir? Abadlaşdırma işlərinə nə qədər vəsait sərf olunur? Olmaz ki, həmin vəsait sahibkarlara verilsin, onlar bu işləri görsünlər? Özü də çox vaxt kredit almaq yolu ilə o işləri görsünlər, sonra da o pullar geri qaytarılsın. Mən hesab edirəm ki, bizim hökumət hökmən təhsildə, səhiyyədə, iqtisa-diyyatda ciddi islahatlara getməlidir. Doğrudan da, büdcə vəsaitləri o qədər çox deyil, bütün sahələrə də vəsait artırılmalıdır. Hamı istəyir ki, bir sahəyə daha çox vəsait ayrılsın. Bununla biz problemləri həll eləyə bilmərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, qaldırdığınız məsələlərə, yəqin, hökumətin üzvləri cavab verəcəklər. Elman müəllimə də indi yox, axırda söz verərik. Amma bir məsələni demək istəyirəm ki, bütün pulların hamısını kreditə vermək olmaz. Onların qorunması məsələsi var, bunları, yəqin, izah edəcəklər.
Amma bir şeyi Sizin nəzərinizə çatdırmaq istəyirəm. Elə çıxış elədiniz ki, elə bil, Azərbaycana qarşı səlib yürüşünə başlayıblar. Biz dəfələrlə bu barədə danışmışıq, İran da bizə qonşu ölkədir, Rusiya da. Bunlar sərhəddə yaranan texniki məsələlərdir, danışıqlar aparılır, həll olunur. Hər iki tərəfdə günah var. Bunu şişirtmək, dərinləşdirmək əvəzinə məsələnin həlli yollarını tapmalıyıq. Xahiş edirəm, bu məsələlərdə bir az diqqətli olun. Buyurun, Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli mətbuat nümayəndələri, hörmətli millət vəkilləri! Milli Məclisin 5 komitəsinin iclasında biz 2014-cü ilin dövlət büdcəsini geniş müzakirə etmişik və bir sıra təkliflərimizi vermişik. Mən elə hesab edirəm ki, 2014-cü ilin dövlət büdcəsi çox ehtiyatla tərtib olunmuş büdcə olmaqla bərabər, 2014-cü ildə makroiqtisadi stabilliyi qoruyub saxlamaq üçün əsas tədbirlər nəzərə alınmaqla hazırlanmışdır.
Əlbəttə, 2014-cü ilin dövlət büdcəsində müsbət məqamlar var. İlk dəfə olaraq Dövlət Neft Fondundan transfertin 2 milyard manata qədər azaldılmasını və təxminən 3–4 il bun-dan qabaq 7 milyona yaxın olan vergi borcunun, nəhayət, ildə 10–15 faiz azaldılaraq 2,4 milyard manata çatdırılmasını qeyd etmək istəyirəm. Bu, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən çox böyük uğurdur və bu işin davam etdirilməsini tövsiyə edirəm.
2014-cü ilin dövlət büdcəsində neftin qiyməti 100 dollar götürülüb. Mən elə hesab edirəm, bu, məqbul qiymətdir və gedən iqtisadi siyasi proseslər də onu göstərir ki, neftin qiyməti 100 dollar ətrafında olacaqdır.
Amma mən digər bir məsələyə diqqəti yönəltmək istəyirəm. 2013-cü ildən başlayaraq neft hasilatı ildə 5–6 faiz aşağı düşməklə enmə xətti davam edir. Nəticədə büdcənin gəlir hissəsində müəyyən gərginlik hiss olunur. Neft hasilatının ildə 5–6 faiz aşağı düşməsi ilə büdcənin gəlir hissəsində müəyyən enmələr baş verir. Gərginliyi hətta bizə təqdim olunan 2014–2017-ci illərin büdcəsində də hiss edirik. Əgər 2014-cü ildə əsaslı vəsait qoyuluşu 6,3 milyarddırsa, 2017-ci ildə bu, iki dəfədən də az, təqribən 3 milyard manat nəzərdə tutulur.
Burada əsas təklifim qeyri-neft sektorunun inkişafına diqqəti yönəltməkdir. Bu sahədə də problem var. Qeyd olunduğu kimi, 2014-cü ildə qeyri-neft sektoru ümumi daxili məhsulun 61 faizini təşkil edir. Amma 2011-ci ilin büdcəsində neftdən gələn gəlirlər transfertlə bir yerdə təxminən 70 faizə yaxın idi. Yəni qeyri-neft sektorunun inkişaf edən strukturunda da gəlirli sahə həddən artıq aşağıdır. Dünən burada Əli müəllim də qeyd etdi, büdcəyə əlavə gəlir gətirən sahələr çox aşağı səviyyədədir. Ona görə, hesab edirəm, qeyri-neft sektorunun analizini aparmaq, elə sahələri inkişaf etdirmək lazımdır ki, o sahələr dövlət büdcəsinə gəlir gətirmək imkanına malik olsunlar. Onsuz da biz sənaye parklarını 7 il müddətinə vergidən azad etmişik, kənd təsərrüfatını da, yəqin, yanvarın 1-dən 5 il müddətinə vergidən azad edəcəyik. Neft hasilatı azalarsa, qeyri-neft sektorunun inkişafı olmadan Azərbaycanın dövlət büdcəsi 2015-ci ildən çox ciddi bir gərginliklə üzləşə bilər.
Büdcənin gəlir və xərc hissələri ilə bağlı bir sıra məqamları diqqətinizə çatdırmaq istəyirəm. Biz həmişə o məsələni qaldırmışıq və cənab Samir Şərifov da buna izahat verib. Büdcənin xərc hissəsinə diqqəti artırmaq, onun şəffaflığını, ünvanlılığını təmin etmək lazımdır. Büdcənin gəlir və xərc hissəsini bütün proqramlar əsasında həyata keçirmək lazımdır ki, digər problemlər yaranmasın. Xərc hissəsində də “Sair xərclər” maddəsinə diqqəti artırmaq lazımdır. İldə təxminən 1,4–1,5 milyard manata yaxın vəsaiti texnikanın alınması ilə əlaqədar xüsusi təyinatlı məhsul üçün ayırırıq. Əvvəla, deyim ki, indi internet saytlarında bu texnikanın qiymətləri də, alınma istiqamətləri də bilinir. Bu sahəyə diqqəti artırmaq lazımdır. Bizdə olan məlumata görə bu sahədə müəyyən nöqsanlar var.
Büdcənin kəsir və borclanmasından bir-iki misal gətirmək istəyirəm. Büdcənin kəsiri 2014-cü ildə təxminən 1,7 milyard nəzərdə tutulub ki, bu da 2013-cü ildəkindən 3 dəfə artıqdır. 2013-cü ildə 626 milyon manat idi. Əlbəttə, bu, büdcənin təxminən 9 faizinə yaxındır və belə baxanda normativdən aşağıdır. Amma nəzərə almaq lazımdır ki, 2014-cü ilin büdcəsindən sonrakı illərdə büdcədə müəyyən enmələr və gərginlik olacaq.
Borclanmada da artıq müəyyən problem yaranmaqdadır. Əgər 2013-cü ildə yuxarı limiti 1,2 milyard manat təsdiq etmişiksə, 2014-cü ildə bu, 2 milyard manatdır. Əgər 2012-ci ildə adambaşına düşən xarici dövlət borcu 473 manat idisə, 2014-cü ildə bu, 587 ABŞ dolları təşkil edir. Yəni ildə adambaşına düşən xarici borc təxminən 10 faiz artır. Bu da çox ciddi rəqəmdir, mənə elə gəlir ki, bunları analiz etməyə çox böyük ehtiyac var.
Burada bank sistemi ilə əlaqədar faiz məsələlərinə toxunuldu. Birincisi, mən qeyd etmək istəyirəm ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, o cümlədən Elman Rüstəmov keçən maliyyə böhranı dövründə çox uğurlu təkliflər vermişdi. Keçən dövr ərzində istər manatın məzənnəsinin qorunması, istər bankların likvidliyinin təmin edilməsi, istərsə də nizamnamə kapitalının normal səviyyədə saxlanılması üçün çox böyük işlər görmüşlər. Amma bir neçə dəfə Milli Məclisdə bu məsələyə toxunmuşuq və bu gün də toxunuram. Hətta mən Sədrdən xahiş elədim ki, bank faizi ilə əlaqədar yığışaq, bir iclas keçirək, görək bu nə məsələdir? Nəyə görə bank əmanəti 10–12 faizə götürür, amma krediti 30–35 faizə verir? Bankın xərci 20–25 faizdirsə, bizə sübut eləsinlər ki, 20–25 faiz xərc nədən ibarətdir? Yoxsa birdən-birə əmanətlə faiz dərəcəsi arasında 20–25 faiz fərq olması qəbul olunan deyil.
Mən bilmirəm, bəlkə bankların özünün problemləri var? Bayaq burada qeyd olundu ki, cənab Prezident göstəriş vermişdi, vəsait gətirilsin, məsləhət olmadı, gətirilmədi. Olsun, amma bizə açıqlasınlar görək bu nədir? Oqtay müəllim, bu çox ciddi məsələdir. Bu gün əhalinin əksəriyyəti banklara borcludur, evlərini, əmlaklarını banklara girov qoyublar. Əhali arasında ciddi narazılıq var. Ona görə də xahiş edirəm, bu məsələyə Milli Məclisdə baxılsın. Ya İqtisadi siyasət komitəsinə göstəriş verin, Mərkəzi Bankla bir yerdə bu məsələyə aydınlıq gətirək, ya da Milli Məclisin iclasında bu məsələni həll edək, çünki məsələ olduqca ciddidir.
Burada tariflərin artması ilə bağlı məsələyə toxunuldu. Bilirsiniz, bu məsələ haradan irəli gəlir? Mən komitənin iclasında da qeyd elədim, büdcədə kommunal xərclərin artımı üçün 15 faiz nəzərdə tuturuq. Əlbəttə, 15 faiz böyük bir rəqəmdir. İqtisadçı da, büdcəni oxuyan da başa düşür ki, 15 faiz əmək haqqı ola bilməz. Yəqin ki, hansısa kommunal xidmətlərin artırılması nəzərdə tutulur. Əgər belə bir hal varsa, bunu açıq demək lazımdır ki, insanlar bilsinlər. İkincisi də, maliyyə naziri cənab Samir Şərifov deyir ki, biz artırmamışıq. Yadınıza gəlirsə, qazın min kubu 40 manat idi, birdən-birə artırıb 100 manat elədik. Yəni artım iki dəfə yarımdan da çox oldu. Ölkədəki vəziyyəti, xaricdən gələn miqrantları – bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ümumiyyətlə, birinci yarım ildə qiymət artımına getmək olmaz.
Bir də, dövlət qulluqçuları ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Komitənin iclasında da dedim, 5 ildən artıqdır, dövlət qulluqçularının (yerli icra hakimiyyəti orqanları, bir də, icra nümayəndələri ilə əlaqədar danışıram) maaşlarına toxunulmur. Həm icra nümayəndələri, həm də orada işləyən işçilər 150–200 manat arasında maaş alırlar. Mərkəzi icra hakimiyyəti orqanlarının işçiləri ilə onların maaşları arasında çox böyük fərq var. Mən xahiş edərdim ki, cənab Samir Şərifov bu məsələyə baxsın.
Bir məsələni də qeyd etmək istəyirəm. İşədüzəlmə ilə əlaqədar çox ciddi problemlər yaranıb. Bizim zonada meyvə-tərəvəzin satılmasında çox ciddi problemlər var. Biz bunu hər dəfə qaldırmağımıza baxmayaraq, həll edə bilmirik. Qubanın özündə 3 konserv zavodu var. Sovet dövründə 3-ü də işləyirdi. Hazırda o zavodlardan yalnız biri işləyir, o da tam gücü ilə fəaliyyət göstərmir. Kimsə o zavodları alıb (kimin alması, yəqin, hamıya bəllidir), amma onlar işləmir.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli qonaqlar, hörmətli hökumət üzvləri! Mən də təqdim olunan büdcə layihəsinin ildən-ilə daha mükəmməl təsnifatı, bütün məsələlərin əks olunması istiqamətində görülən işlərə görə hökumət üzvlərinə təşəkkürümü bildirirəm. Sözün əsl mənasında, biz hər il büdcəmizdə yeni-yeni nailiyyətlər görürük. Sosial-iqtisadi, hərbi sahələrdə, insanların güzəranının yaxşılaşdırılması istiqamətində hər bir məsələnin aydınlığı ilə şərh olunmasına xüsusi diqqət yetirilmişdir. Biz komitələrin iclaslarında da bu fikirləri səsləndirmişik.
Bir məsələni qeyd etmək lazımdır ki, dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda insanların rifahının yaxşılaşmasını hiss edirik. Azərbaycanın qüdrətli dövlətə, ədalətli cəmiyyətə çevrilməsi istiqamətində büdcəmizdən asılı olan bütün problemlərin həlli üçün qayğıların göstərilməsini də hiss edirik.
Şübhəsiz ki, bir məsələni xüsusilə vurğulamalıyıq. Məndən əvvəl çıxış edənlər də göstərdilər, Azərbaycanın dünya miqyasındakı uğurlarının sayı ildən-ilə artmaqdadır. Əlbəttə, bu uğurlar Azərbaycanın 80 faiz potensialı ilə əldə edilir. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. 20 ildən artıq bir müddətdir ki, Azərbaycan maddi imkanlarından, xüsusilə də sahələrin əlaqələndirilməsi hesabına götürəcəyi imkanlardan məhrum olaraq, investisiya, turizm, intellektual potensialın inkişafında, görülən işlərin faydalılığının artırılması istiqamətində buna nail ola bilmişdir. Amma, eyni zamanda, 1 milyondan çox qaçqın və köçkünün qayğılarının təmin edilməsi, onların güzəranının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsait, dövlətin misilsiz qayğıları diqqət mərkəzindədir.
Şübhəsiz ki, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanımızın bütün fəaliyyəti bu gün müzakirə etdiyimiz büdcə vasitəsi ilə həyata keçirilir və Azərbaycan xalqı da büdcənin ayrı-ayrı maddələrinə böyük diqqət yetirir. Mənə elə gəlir, büdcəmizin inkişafında atılan addımlar bir daha göstərir ki, büdcə, ümumiyyətlə, bütün məsələləri özündə ehtiva edir, ayrı-ayrı maddələr üzrə – istər hərbi, istər dövlətin inkişafı, istərsə də beynəlxalq münasibətlər istiqamətində bütün məsələlər işıqlandırılır.
Məndən əvvəl çıxış edənlər hərtərəfli qeyd etdilər, onları təkrar etməyə ehtiyac yoxdur. Amma xüsusilə vurğulamalıyam, Azərbaycan həm Qafqaz regionunda, həm də dünya birliyində yeganə dövlətlərdən biridir ki, ərazisinin 20 faizi işğal olunsa da, 1 milyondan çox qaçqını olsa da, yenə də tərəqqidədir, inkişafdadır. Mən hesab edirəm, bundan sonra da Azərbaycanın potensialı və götürdüyü kurs bu tərəqqinin davamına imkan verəcəkdir. Hörmətli Sədr, məsələlər təkrar olunur. Əgər mümkünsə, bundan sonra (mən özüm də bəlkə də vaxt məsələsində bir az israfçılığa yol verdim) çıxışlar üçün 5 dəqiqəlik vaxt müəyyən etsək, daha məqsədəuyğun olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. 5 dəqiqəyə keçəndə də deyirlər ki, bizi sıxırlar, hüquqlarımızı pozurlar. Çıxışlar orta hesabla 6–7 dəqiqə olur. Biz çıxışlara baxırıq. Qısası, yenə də 5 dəqiqəyə gəlib çıxacaq. Buyursun Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım, xanımlar və cənablar! Bu çox mühüm bir qanun olduğundan hər birimizin münasibət bildirmək istəməsi təbii bir haldır. Eyni zamanda, çox böyük həcmli sənəd olduğundan ciddi araşdırma və yanaşma tələb edilir. Mən, həqiqətən, burada çox elmi-metodiki əsasda, özü də rəngli illüstrasiyalarla, son ildə görülmüş işlərin fotoşəkilləri ilə hazırlanmış büdcənin təqdimatını görürəm.
Təqdim olunan sənəddən göründüyü kimi, 2014-cü ildə dövlət büdcəsinin ümumi gəlirlərinin həcmi 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat olması proqnozlaşdırılır. Büdcə kəsirinin isə 1,7 milyard olması gözlənilir.
Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 26 faiz artmışdır. 2013-cü illə müqayisədə bu, 1,3 faiz təşkil edir. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyarda yaxın vəsait nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 476 milyon manat və yaxud 10,7 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faizdir. Bu, 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.
Gələn il elm xərclərinə 148 milyon manat ayrılıb ki, bu da 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz çoxdur. Növbəti ildə təhsil xərcləri üçün 1 milyard 653 milyon manat, 2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 8,0 faiz çox vəsait ayrılıb.
Mən özüm təhsil sahəsində çalışıram. Yaxın günlərdə cənab Prezident tərəfindən təhsilimizin strategiyası müəyyənləşdirilib. Strategiya da, bilirsiniz ki, uzun müddətə hesablanır. Mən tam əminliklə deyə bilərəm ki, ali və orta məktəblərin maddi-texniki bazası bu günün tələbinə uyğun gələn bir səviyyədədir. Amma təhsilin keyfiyyəti məni də bir təhsil işçisi, elm adamı kimi qane etmir. Təhsilimizdə o strategiya həyata keçirilən zaman təhsilin keyfiyyətini qaldırmaq üçün orta məktəblərdən, hətta uşaq bağçalarından başlamaq lazımdır.
Həmkarlarım tərəfindən qeyd olundu, həqiqətən də, inkişaf göz qabağındadır. Ölkə üzrə bir sıra böyük layihələrin həyata keçirilməsi, Azərbaycanın bir çox regionlarının, o cümlədən Bakı şəhərinin içməli su ilə fasiləsiz təminatı, yaxud Nəqliyyat Nazirliyinin həyata keçirdiyi tədbirlər, körpü, yol tikintilərinin həyata keçirilməsi ölkənin inkişafından və dövlət büdcəsinin təyinatı üzrə xərclənməsindən xəbər verir.
Mən bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. 2014-cü ilin dövlət büdcəsindən Bakı, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərinə, habelə Abşeron və İmişli rayonlarına heç bir vəsait ayrılmayıb. Ümid edirəm ki, növbəti illərdə bunların sırası Gəncə, Lənkəran və digər böyük iqtisadi potensialı olan şəhər və rayonlarımızın hesabına genişləndiriləcək.
Mən şübhə etmirəm ki, əgər ölkə üzrə bütün işəgötürənlər işə götürdükləri işçilərlə müqavilə bağlayaraq onların real əmək haqlarını müqavilədə göstərsələr, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığına yaxın illərdə son qoyula bilər. Bu çox mühüm bir məsələdir və mənə elə gəlir ki, bu haqda fikirləşməyə dəyər.
Maliyyə resursları balansının mənfi ilə nəticələnməsi ilk baxışdan müsbət təsir bağışlamasa da, iqtisadi aktivliyinin stimullaşdırılması, sosial-iqtisadi durumun davamlı dəstəklənməsinin həyata keçirilməsi üçün təqdim olunan icmal büdcəsi kəsirinin həddi qəbul olunan səviyyədədir. Sənəddən göründüyü kimi, bu il olduğu kimi, gələn il də ümumi daxili məhsulda keyfiyyət dəyişikliyinin baş verməsi gözlənilir.
Dünyada hələ də davam edən maliyyə böhranı fonunda əksər ölkələrdə iqtisadi artım tempi aşağı düşür, milli valyutalar dəyərini itirir. Ölkəmizdə isə aidiyyəti dövlət qurum-larının, xüsusilə də cənab Prezidentin rəhbərliyi altında ümumi daxili məhsulun azalması baş verməmiş, Mərkəzi Bankın səyləri nəticəsində milli valyutanın məzənnəsi sabit saxlanmışdır. Milli valyutamız möhkəmliyinə görə dünyada 10-cu yerdə gedir.
Mən əhalisinin hamısını məcburi köçkünlər təşkil edən 120 saylı Cəbrayıl–Qubadlı dairəsindən deputat seçilmişəm. Həmişə məcburi köçkünlərlə bağlı məsələlərə diqqətlə yanaşıram. Builki büdcədə qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlərin artırılması nəzərdə tutulmuşdur. Əhalimizin bu həssas təbəqəsinə diqqətlə yanaşıldığına görə mən ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə seçicilərim və bütün məcburi köçkünlər adından öz təşəkkürümü bildirirəm. Burada mən Baş nazir Artur müəllimin və eyni zamanda, maliyyə nazirinin fəaliyyətlərini qeyd etmək istəyirəm.
Bayaq qeyd etdiyim kimi, büdcə, doğrudan da, çox realdır, populizmdən çox-çox uzaqdır. Mən hörmətli həmkarlarımı bu qanunu dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azər Badamov.
A.Badamov. Yerimi Qənirə xanımla dəyişirəm.
Sədrlik edən. Çox sağ olun. Yeri dəyişəndə əvvəldən deyərlər ki, mən də bilim. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən həmkarım Azər müəllimə çox təşəkkür edirəm. Oqtay müəllim, yəqin, texniki bir məsələ olub, çünki biz xəbərdarlıq etmişdik.
Mən də 2014-cü ilin büdcə layihəsini dəstəkləyəcəyəm, çox yüksək səviyyədə hazırlanmış bir sənəddir. Təbii ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Mən büdcə layihəsindən ətraflı danışmaq istəmirəm, çünki burada bu haqda geniş şəkildə danışılıb. Amma mən bir neçə təklifimi səsləndirmək istəyirəm və hökumət üzvlərindən də çox xahiş edirəm ki, bunların büdcə layihəsində əksini tapmasına dəstək versinlər.
Bunlardan birincisi I qrup əlillərin ödənişli təhsil haqqından azad edilməsi məsələsidir. Biz yaxşı xatırlayırıq ki, 2013-cü ilin büdcəsi qəbul edildikdən sonra çox humanist bir qərar qəbul olundu, ata-ana himayəsindən məhrum olunan uşaqların ödənişli təhsildən azad edilməsi məsələsi öz həllini tapdı. Bu, büdcəmiz üçün ciddi bir problem yaratmadı, çünki bu cür insanların sayı çox deyil. Amma bu, ata-ana himayəsindən məhrum uşaqların ali təhsil alması, həyatlarını qazanması üçün çox böyük bir humanist addım oldu.
Ali təhsil alan I qrup əlillərin də sayı o qədər çox deyil. Çox önəmli bir məsələdir ki, dövlət dəstək göstərərək onlara müavinətlər verir. Amma onların aldıqları müavinətlər təhsil haqqını ödəməyə imkan vermir. Bizim üçün çox önəmlidir ki, I qrup əlillər, ümumiyyətlə, bizim əlillərimiz sınmasınlar, normal insanlar kimi təhsil alsınlar, gələcəklərini qazansınlar. Ona görə də I qrup əlillərimizə belə bir imkanı tanımalıyıq. Bizə bununla bağlı müraciətlər də olur. Mən onlardan birini parlamentdə səsləndirmişdim. I qrup iki gözdən əlil bir oğlan həyatın bütün çətinliklərinə rəğmən Mədəniyyət və İncəsənət Universitetini oxumaq imkanı qazanmışdı. Özü də, atası da I qrup əlildirlər. Yaxşı da bal yığıb, amma ödənişli bölməyə düşüb. Büdcəmiz üçün ciddi bir problem yaratmayacağını düşünərək humanist bir addım atılmasını istərdim. Ümumiyyətlə, ali təhsil ardınca gedən əlillərimizin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məsələsinə baxılmasını çox xahiş edərdim.
İkinci deyəcəyim məsələ də təhsillə bağlıdır. Biz bu məsələni də ötən büdcə müzakirələrində bir neçə dəfə qaldırdıq. Xüsusilə kənd rayonlarını təmsil edən millət vəkilləri üçün ən həssas məsələlərdən biridir. Söhbət yataqxanalardan gedir, ən ciddi məsələlərdən biridir. Kəndlərdən uşaqlarımız oxumağa gəlirlər, amma universitetlərimizin bir çoxunun yataqxanaları, demək olar ki, yoxdur. Təbii ki, bir zamanlar bu, normal bir hadisə idi, torpaqlarımız işğal olunduğu üçün köçkünlərimizi yerləşdirmək hamımızın borcu idi. O yataqxanalarda köçkünlərimiz yerləşdiriliblər. Amma ölkəmizin imkanları artdıqca yataqxana məsələsi öz həllini tapmalıdır. Yay aylarında yollara düşürük, o rektordan, bu universitetdən xahiş edirik ki, sən Allah, bunu yerləşdir. Bu uşaq universiteti qazanıb, amma ailə onu kirayədə saxlaya bilmir. Valideynlər də çox çətin vəziyyətdə qalırlar. Bu çox ciddi problemdir. Ona görə də xahiş edirəm, bu ilin büdcəsində yataqxanalar probleminin həllini tapması nəzərdə tutulsun.
Üçüncü qaldıracağım məsələ ipoteka kreditləri ilə bağlıdır. Biz komitələrin iclasında çox hörmətli maliyyə naziri ilə bu barədə danışdıq. Hörmətli Samir müəllimin özü də vurğuladı ki, hazırda Azərbaycanda bank faizləri ilə biznes ipotekaları mümkünsüzdür. Yəni hər hansı bir vətəndaşın bankdan o faizlərlə pul alaraq ev əldə etməsi mümkünsüz-dür. Hətta maliyyə nazirimiz də vurğuladı ki, bu məsələ, ümumiyyətlə, gündəmə gəlməlidir, bu faizlər çox yüksəkdir. Deməli, insanların bütün ümidi ipotekaya qalıb. Buna böyük ehtiyac var, müraciətlərin sayı da həddindən artıq çoxdur. Çünki insanlar ev əldə etmək üçün ümidlərini ipotekaya bağlayıblar. Orta əmək haqqı alan insanın belə, ipotekadan kənar özünə ev əldə etməsi çox çətindir. Ona görə də ipotekanın həcminin, – mən demirəm ki, 2–3 dəfə artırılsın, – hər halda 10–15 milyon artırılması yaxşı olardı. Çünki 10–15 milyon yüzlərcə insanın gələn il ev probleminin həllini tapması demək olardı. Bu da çox önəmlidir. Ümumiyyətlə, biznes ipotekaları məsələsinin də necə həll olunacağının ciddi şəkildə gündəmdə olması çox önəmlidir.
Dördüncü qaldıracağım məsələlər səhiyyə ilə bağlıdır. Hörmətli səhiyyə nazirimizlə ötən gün bu barədə qısa da olsa danışdıq. Hepatit C virusu Azərbaycanda bir bəlaya çev-rilir. Yəqin ki, mütəxəssislər də deyərlər, biz 3–4 ildən sonra bunun ciddi ağrılarını çəkəcəyik. Ona görə də Hepatit C virusu ilə mübarizə ilə bağlı əhalinin maarifləndiril-məsindən tutmuş ilkin profilaktikaya qədər hər şeyi özündə əks etdirən bir proqrama ehtiyac var. Çünki 2–3 ildən sonra bu çox ağır fəsadlar verəcək. Bundan əziyyət çəkən insanların sayı çoxalır, müalicəsi isə bahalıdır. Bu, orta əmək haqqı alan bir ailənin belə müalicədə sıxıntı çəkəcəyi, ağır bir problemlərlə üzləşəcəyi bir bəladır. Ona görə də bu məsələ ilə bağlı bir proqramın qəbul olunması və insanlara dəstəyin göstərilməsi çox önəmlidir. 
Səhiyyə ilə bağlı ikinci təklifimi komitədə səsləndirmişdim. Hörmətli maliyyə naziri “müvafiq qurumlarla bu məsələni müzakirə edərik” demişdi. Mümkün ola bilər. Çox önəmli bir addımdır ki, cənab Prezidentin birbaşa dəstəyi ilə bölgələrimizdə dializ mərkəzlərinin sayı artır. Çünki dializə ehtiyacı olan insanların sayı artır. Çox gözəl hadisədir ki, insanlarımız artıq pulsuz dializ alırlar. 2–3 il bundan əvvəlki faciəvi vəziyyət indi yoxdur, insanlar növbə ilə gedib dializlərini ala bilirlər. Amma problem ondan ibarətdir ki, gənc insanlar dializlə uzun müddət qaldıqları zaman rahatsız olurlar. Yaxınlarından kimsə ona böyrəklərinin birini verirsə, istəyir ki, böyrək köçürülsün və bu da rahat şərtlərlə yaşasın. Dövlətimizin bir dializli xəstəyə illik ayırdığı vəsait təxminən elə böyrək köçürmə əməliyyatının qiyməti qədərdir. Mən xahiş edəcəyəm ki, dövlətimiz büdcədən bu vəsaiti verirsə, bu şərti elə bu istiqamətə yönəldək ki, əgər donor varsa, o insanlara pulsuz şəkildə böyrəyin köçürülməsi həyata keçirilsin. Həm xəstənin problemləri, həm də dövlətin üstündəki gərginliklər, xərclər azalmış olar.
Vurğulayacağım digər məsələ tibbi sığorta ilə bağlıdır. Burada maaşlardan çox danışılır. Amma biz tibbi sığorta sistemini tam həyata keçirməsək, bu istiqamətdə həmişə problemlərimiz olacaq. Biz hər il büdcədən tibbi sığortaya vəsait ayırırıq, ilin sonunda o vəsait olduğu kimi qalır və bu məsələ də öz həllini tapmır. Ona görə xahiş edirəm ki, tibbi sığorta ilə bağlı məsələyə ciddi yanaşaq. Bu, sadə vətəndaşla həkimlər arasındakı münasibətlərə də özünün müsbət təsirini göstərəcək.
Toxunacağım ən ciddi məsələ Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemi ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 2008–2013-cü illərdə bu məsələnin geniş şəkildə öz həllinin tapılması göstərilir. Təbii ki, çoxlu evlər tikilib. Amma 2011-ci ildən bu yana Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evlərinin tikintisi dayandırılıb. 2 ildir, bu öz həllini tapmır. Xüsusilə kəndlərdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün bu çox önəmlidir. Onların həyətyanı sahələri var, bir işlə məşğul olurlar. Bu məsələ 2014-cü ildə də davam etdirilməlidir ki, Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisi öz həllini tapsın. Mən sonda bir daha bu sənədi dəstəkləyəcəyimi bəyan edirəm. Ümid edirəm ki, burada səsləndirdiyimiz bir sıra məsələlərin həllini tapması istiqamətində də irəliləyişlər olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov buyursun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Son illərdə baş vermiş qlobal maliyyə iqtisadi böhranı dünya iqtisadiy-yatının xeyli geriləməsinə səbəb olmuşdur. Lakin respublikamızda ümummilli lider Heydər Əliyevin başladığı və Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində dinamik inkişaf təmin edilmişdir. Bunu müzakirə etdiyimiz 2014-cü il büdcə layihəsinin göstəriciləri də bir daha sübut edir. Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və 2014-cü il büdcəsinin qeyri-neft sektorundan gəlirləri 2013-cü ilə nisbətən 35,1 faiz çox olmaqla 20,8 faiz artımla nəzərdə tutulub.
Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. 2014-cü ilin dövlət büdcəsində yerli büdcələrə dotasi-yanın azaldılması, habelə gələn il Sumqayıt, Şirvan, Abşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonunun da xərclərinin özlərinin gəlirləri hesabına ödəmə-ləri proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını, qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir.
Dövlət büdcəsinin gəlirinin formalaşmasında 2013-cü ilə nisbətən gələn il Dövlət Neft Fondundan transfertin 2 milyard manat və ya 17,8 faiz azalması, Vergilər Nazirliyi üzrə daxilolmaların 700 milyon manat və ya 11 faiz artımı, Dövlət Gömrük Komitəsinin xətti ilə gəlirlərin 130 milyon manatı və ya 9,4 faiz çox daxil olması da dediklərimizi təsdiq edir. Bütün bunlar onu göstərir ki, əldə edilən neft kapitalı respublikamızın uzunmüddətli sabit və dinamik sosial-iqtisadi inkişafını təmin edən qeyri-neft sektorunun potensialının artımına və bu potensialdan səmərəli istifadəyə yönəlmişdir.
Hörmətli deputatlar və hökumət üzvləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti 10 il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı 2 dəfə artırmağı qarşıya hədəf qoymuşdu. Qeyri-neft sektorunun prioritet sahələrindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda xeyli işlər görülmüşdü. Bu günlərdə Aqrar siyasət komitəsinin iclasında Kənd təsərrüfatı məhsulu istehsalçılarına vergi güzəştlərinin müddətinin yenidən 5 il uzadılması barədə hörmətli Prezidentimiz İlham Əliyevin imzaladığı qanun layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olundu. Onu da nəzərinizə çatdırım ki, yalnız bu güzəştin hesabına 2001–2012-ci illər ərzində dövlət büdcəsinə ödənilməli olan 1 milyard 400 milyon vəsait fermerlərin sərəncamında qalaraq istehsalın genişlənməsinə sərf edilmişdir.
Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına ümumilikdə 600 milyona yaxın, yəni hər il bir hektar əkin sahəsinə MDB məkanında ən yüksək məb-ləğdə 70 dollar subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcmini 2000-ci ilə nisbətən 4,4 dəfə artırmağa imkan vermişdir. Bu onu sübut edir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır.
Bunun nəticəsidir ki, hər il olduğu kimi, 2014-cü ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox, ümumilikdə 539 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Gələn il bu sahəyə 131 milyon manat həcmində və cari ilə nisbətən 6,4 faiz çox subsidiya verilməsi gözlənilir.
Məhsul istehsalı prosesində heyvanların və bitkilərin xəstəliklərdən qorunması və bununla da məhsul itkisinin qarşısının alınması dövlətin həyata keçirdiyi tədbirlər sırasında mühüm yer tutur. Bu məqsədlə gələn ilin büdcəsində baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinə 26,9 milyon manat və ya cari ilə nisbətən 25,1 faiz çox, Dövlət Fitosanitar Nəzarəti Xidmətinə isə 4 milyon manat, 2013-cü ilə nisbətən 8,2 faiz çox vəsait ayrılması gözlənilir. Bununla belə, hesab edirik ki, aqrar bölmə ölkə əhalisinin ərzaq ilə etibarlı təminatının əsas bazası olduğundan bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalı və bu, əsasən, emal, kənd təsərrüfatı, maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönləndirilməlidir. Bu problemi qismən aradan qaldırmaq üçün yaxşı olar ki, gələn ilin büdcəsində respublikamızda aqrotexnoparkların tikintisi nəzərdə tutulsun.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalında çox böyük potensial olmasına baxmayaraq, emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar. Digər tərəfdən, bu vəziyyət hər il xeyli məhsul itkisinə səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini də artırır. Respublikamızda emal müəssisələrinin sayının artması məhsul itkisinin qarşısını almaqla yanaşı, fermerlərə meyvə-tərəvəz məhsulları ilə xarici bazarlara çıxmaq imkanı verəcəkdir. Biz bu geniş və sərfəli imkandan tezliklə faydalanmaqla hörmətli Prezidentimizin formalaşdırdığı müasir aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirib aqrar bölmənin gələcək dinamik inkişafını təmin etmiş olarıq.
Eyni zamanda, bildirirəm ki, aqrar sahəyə özəl sektor sərmayə qoymaqda maraqlı olmadığından əsas yük dövlət büdcəsinin üzərinə düşür və bu da müəyyən çətinlik yaradır. Bu problemin həlli üçün dövlət büdcəsi, büdcədənkənar və özəl vəsaitlər hesabına mərkəzləşdirilmiş xüsusi investisiya fondunun yaradılması məqsədəuyğun olardı.
Bununla yanaşı, müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə zərfin II cildində qeyd olunur ki, fermerlər arasındakı könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və sair ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrar siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün Kənd təsərrüfatı kooperasiyası haqqında və Kənd təsərrüfatı informasiya məsləhət xidməti haqqında qanunların qəbul edilməsinə böyük ehtiyac vardır.
Hörmətli deputatlar və hökumət üzvləri! Mən Naxçıvandan seçilən deputat kimi, Ermənistanın blokadası şəraitində yaşayan və fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasına göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə öz minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası da yuxarıda adları qeyd olunan bölgələr kimi öz xərcini daxili gəlirləri hesabına ödəmək istiqamətində uğurlu addımlar atır. Bunun nəticəsidir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri cari ilə nisbətən 21,5 faiz çox nəzərdə tutulub. Lakin bu uğurların davamlı olması üçün bölgənin blokadada olması və verilən investisiyanın səmərəli istifadəsini nəzərə almaqla muxtar respublikaya daha çox investisiya ayrılmalıdır ki, dövlət büdcəsindən asılılığı tam aradan götürməyə zəmin yaransın.
Burada həmkarlarım Naxçıvanın yolunun kəsilməsi ilə əlaqədar məsələ qaldırdılar. Hörmətli cənab Sədr, mən dünən bu məsələ ilə məşğul olmuşam. İrandakı səfirimizlə və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə danışıqlar aparmışam. Onlar İran tərəfi ilə çox ciddi işlər aparırlar. Mən inanıram ki, onlar bizə dost, qonşu ölkə olan İranla bu yolun açılma-sını həll edəcəklər.
Dünyanın bir çox ölkələrində maliyyə böhranının davam etdiyi bir şəraitdə müzakirə etdiyimiz büdcəmiz sosialyönümlü və investisiya tutumlu olmaqla yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənir. Mən bu büdcəyə səs verəcəyəm və hörmətli həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyursun Abel Məhərrəmov.
A.Məhərrəmov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! İlk növbədə qeyd etmək istəyirəm ki, müzakirədə səslənən fikirlərə çox böyük dəyər verirəm. Doğrudan da, büdcə zərfi çox akademik və praqmatik düşüncələrlə hazırlanmışdır. Bu isə o deməkdir ki, artıq Azərbaycanda büdcə institutu formalaşıb. Ona görə də mən büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da bu layihəyə səs verməyə dəvət edirəm.
Çıxışıma belə bir fikirlə başlamaq istəyirəm ki, bütün dünyada 5 minə qədər millət və xalq var. Bu 5 min millət və xalqın 200 dövləti var, onlardan biri də Azərbaycan döv-lətidir. 20 il bundan qabaq bizdə elə bir ağır vəziyyət var idi ki, ya biz 200 dövlətin içərisində olmalıydıq, – baxmayaraq ki, 5 minillik dövlətçilik tariximiz var, – ya da 5 min millət və xalqın içərisində. Ümummilli liderimizin tarixi xidmətləri sayəsində biz 200 dövlətin içərisində qala bildik. Bu gün ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində 200 dövlət içərisində yerimiz təqribən 40 rəqəminin ətrafındadır. Bu o deməkdir ki, Azərbaycan dövlətçiliyini qoruya, inkişaf etdirə bildi. Bu gün Azərbaycan dünyanın inkişafda olan dövlətləri sırasındadır və onun dinamik inkişaf sürəti də bizi qane edir.
Soruşa bilərsiniz ki, mən bunları nəyə görə deyirəm. Bəzən biz statistik rəqəmləri gətirərkən deyirik ki, keçən il necə olub, bu il necə olacaq. Hərdənbir 20 il bundan qabağa da baxmaq lazımdır ki, haradan haraya gəldiyimizi bilək. Əlbəttə, biz özümüzü xoşbəxt xalq hesab edə bilərik ki, bütün bəlalara, müharibə şəraitində olmağımıza baxmayaraq, ölkəmiz dinamik inkişaf edir.
Biz həm də gələcəyə baxmalıyıq. Bizi 20 il bundan sonra nə gözləyir? Biz bu gün inkişaf etməkdə olan ölkələr sırasındayıq və Azərbaycanın dövlət siyasəti bundan ibarətdir ki, yaxın vaxtlarda qabaqcıl, inkişaf etmiş dövlətlər sırasına daxil olaq. Bunu hansı vasitələrlə həyata keçirək? Hərənin öz baxış prizması var, hərə bir cür fikirləşir. Bəziləri bir yol, digərləri başqa yol təklif edirlər. Elə ona görə layihələrin geniş müzakirəsinə böyük dəyər verirəm. Hesab edirəm ki, yolumuz, strategiyamız düzdür. Ancaq bəzi məsələlərdə, xüsusən də bu gün müzakirə etdiyimiz maliyyə layihəsində, əlbəttə, müəyyən dəqiqləşdirmələr aparmalıyıq ki, qısa müddətdə bu yolu qət edək və özümüzü inkişaf etmiş dövlətlər sırasına çatdıraq.
Mən təhsil işçisiyəm, təbii ki, təhsil haqqında danışacağam. Bəzən deyirlər ki, Azərbaycanda təhsil sahəsi zəif inkişaf edir, onun dinamikası bizi qane etmir və sair. Mən bu fikirlərlə tamamilə razı deyiləm. Azərbaycanda təhsil də inkişaf edir, elm də. Əfsuslar olsun ki, bəzən bu sahədə çalışmayan, təhsildən xəbəri olmayan adamlar təhsildən danışır-lar. Təhsil işçiləri də bunu görüb özlərini kənara çəkirlər. Ona görə xahiş edirəm, imkan verin, təhsil işçiləri də öz fikirlərini desinlər. Danışanda elə fikirlər ortaya qoyurlar, az qalır, deyəsən ki, mənim yolum səhvdir.
Bu yaxınlarda bizdə Üçüncü Bakı Beynəlxalq Forumu keçirildi. Dünya ictimaiyyətinin çoxsaylı nümayəndələri, dövlət xadimləri, tanınmış elm adamları Azərbaycana gəl-mişdilər. Onların arasında 15 Nobel mükafatçısı var idi. Təqribən 5–6 nəfəri Bakı Dövlət Universitetinə gəlmişdilər. Digər ali məktəblərlə də bağlı gələnlər var idi. Ötən il də onlar gəlmişdilər. Fikirləşdik ki, bunlar həmişə gəlir, auditoriyada öz elmi kəşflərindən danışırlar. İstədik öyrənək ki, bizim auditoriya bunlara sual verəndə razı qalırlar, yoxsa yox? Sonra da fikirləşdik ki, özümüz də elmi innovasiyalarımız, elmi uğurlarımız barədə bunların qarşısında çıxış edək. Görək yolumuz düzdürmü, biz də inkişaf etmiş ölkələr sırasına daxil ola bilərikmi? Deməli, Azərbaycan dövlətçiliyi necə dinamik inkişaf edirsə, cəmiyyət də elə inkişaf edir. Bəzən biz dövlətçiliyin inkişafı ilə cəmiyyətin inkişafını qarışdırırıq. Bunlar paralel şəkildə inkişaf edir. Dövlətçilik sürətlə inkişaf etsə, amma cəmiyyətin inkişafı, intellektual səviyyəsi aşağı düşsə, bu paralellik pozula, xəta ilə yekunlaşa bilər. Ona görə cəmiyyətin inkişafı ilk növbədə elm və təhsillə bağlıdır.
Bəli, mən Nobel mükafatçıları ilə söhbət etdim, həmin sualı onlara verdim. Çox maraqlı cavab verdi. Dedi ki, biz Avropa, Amerika universitetlərində gənclər, alimlər qarşısında çıxış edirik. Sizinkilər onlardan xeyli fəaldırlar. Hələ üstəlik, sərbəst şəkildə ingiliscə suallar verirlər. Bu bizi çox sevindirdi.
İkincisi, biz yeni innovasiyalar istiqamətlərində apardığımız elmi təhqiqatlarla bağlı onların qarşısında çıxış etdik. Onlar bizimlə razılaşdılar və Azərbaycanda xüsusi bir quru-mun yaradılmasını təklif etdilər. Biz hazırlaşırıq ki, nobelçilərlə Azərbaycan elmi innovasiyaları istiqamətində birgə iş aparaq. Ola bilər, “elmi innovasiya” kimin üçünsə aydın deyil. Düzdür, vaxtımdan gedir, amma bunu bir kəlmə ilə aydınlaşdırmaq istəyirəm. Bu gün dünyanın inkişaf etmiş ölkələrində, misal üçün, Amerikada, Kanadada, Yaponiyada iqtisadi gəlirlərin 60–90 faizi elmi innovasiyaların praktikaya tətbiqi nəticəsində əldə edilir. İnkişaf etmiş ölkələrdə belədir. İnkişaf etməkdə olan ölkələrdə isə, məsələn, Rusiyada, Ukraynada 15 faizdir. Allaha şükür, bu il süni peyki buraxmaqla Azərbaycan da elmi innovasiyalar üzrə müəyyən addımlar atdı.
Ancaq məndən bir alim, bir ziyalı, tədris müəssisəsinin rəhbəri kimi soruşsalar ki, biz bu istiqamətdə digər işləri də apara bilərikmi, deyərəm, bəli, apara bilərik. Biz Nobel mükafatçıları qarşısında çıxış edəndə dedilər ki, elmi innovasiyalar sahəsində apardığınız işləri dünyanın ən aparıcı elmi uğurları sırasına daxil etmək olar. Ona görə də bayaq qeyd etdiyim qurumu yaratmaq təklifini verdilər. Yəni fikrimi nəyə gətirirəm. Hökmən bu layihədə elmi innovasiyalar siyahıya düşməlidir. Dünya ictimaiyyəti tərəfindən qlobal müstəvidə hiss edilsin ki, Azərbaycan inkişaf etməkdə olan dövlət olaraq çox qabağı fikirləşir, inkişaf etmiş dövlətlərin düşüncələri ilə yaşayır. Ona görə də mən bu təklifi verirəm.
Bəzi təkliflərim də var. Azərbaycanda təhsil siyasəti iki istiqamətdə gedir. Daxili islahatlar aparılır, bir də, xaricə tələbələr göndəririk. Möhtərəm Prezidentimizin xüsusi sə-rəncamı ilə proqram qəbul olunub. Bu proqramın strategiyası düz qurulub, amma mən taktikasından çox razıyam. Sual olunur, o tələbələrdən biri hansısa bir universitetdə işləyirmi? 1000 nəfərə qədəri qayıdıb. Axı, bunu universitet göndərməlidir. Niyə göndəririk? Xaricdə təhsil çox inkişaf edib, elmi innovasiyalı məktəblər var. Ümumiyyətlə, universitetlərin səviyyəsi elmi məktəblərlə ölçülür. Göndəririk ki, o məktəbin mühitini Azərbaycana gətirsin. Ancaq getməyini izləyirik. Gələndə onlarla heç kim maraqlanmır. Hökumətin pulu gedir. Bunun əvəzinə mən cihazlar alaram, öz elmi innovasiyalarımı gücləndirərəm. Bu barədə düşünmək lazımdır.
Burada Qənirə xanım da dedi, məni ən çox narahat edən yataqxana məsələsidir. Deyirsiniz, universitet qabağa getsin. Soruşursunuz ki, niyə bu universitet 100-ün içinə daxil olmur. Mən cavab verirəm. Bu gün dünyada 150 min universitet var. Tomson Röyter Agentliyi var, ən güclü universitetlərin reytinqini verib. Dünyada 20 min top universitet var. Onların sırasında bizim yerimiz 602-cidir. Yataqxanaya görə yüz bal ala bilmirik. Ancaq yataqxanaya görə.
Deyirlər ki, universitetlər pul gətirsin. Biz buna hazırıq, ancaq bizə yataqxana verin. 15–20 min adam bizdə oxumaq istəyir, amma bir yataqxanamız yoxdur. Sokrates Proqramı, Mövlana Mübadilə Proqramı var, tələbənin mobilliyi gəlməlidir, universitetin reytinqi qalxmalıdır. Əfsuslar olsun, edə bilmirik. Ən vacibi gəncləri stimullaşdırmaq istəyiriksə, onlar magistratura və doktorantura pilləsində hərbi xidmətdən azad olunmalıdırlar. Bu, qəti fikirdir. Bu bizi ölümə aparır.
Bir maraqlı fikirlə çıxışımı yekunlaşdırıram. Bu yaxınlarda bir tədbirdə Finlandiyanın təhsil nazirinə sual verdik ki, necə olur, Finlandiya qabağa gedir? Deyir, bunun üç səbəbi var: təhsil, təhsil və təhsil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Müzakirə elədiyimiz dövlət büdcəsinin layihəsi makroiqtisadi göstəricilər vasitə-silə növbəti ilin iqtisadi durumunun mənzərəsini əyani şəkildə əks etdirir. Əgər müzakirə elədiyimiz bu layihənin xarakterik keyfiyyətlərindən danışsaq, düşünürəm ki, əvvəlki illərin dövlət büdcələrindən qaynaqlanan iqtisadi varisliyin qorunub saxlanmasını ilk növbədə vurğulamalıyıq.
Əvvəlki illərdə olduğu kimi, növbəti ilin də dövlət büdcəsi sosial və investisiya yönümlüdür. Məhz elə buna görə də büdcə xərclərinin təqribən üçdə iki hissəsinin bu məqsədlər üçün nəzərdə tutulması layihənin dediyim keyfiyyətini bir daha təsdiqləyir. Sosial yönümlülük birbaşa, düzünə olaraq insan faktoruna xidmət etsə də, investisiya yönümlülük dolayısı ilə xidmət edir. Ölkənin əldə etdiyi uğurların yüksək inkişaf tempini, habelə bütövlükdə Azərbaycanın özünün dünyaya təqdimatının əyaniliyini, vizuallığını təmin etmək üçün dövlət investisiyalarının prioritetliyi gələcək illərin də dövlət büdcələrində qorunub saxlanılmalıdır.
Bundan başqa, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılması, Azərbaycanın 5 inzibati ərazi vahidinin dövlət büdcəsindən asılılığının aradan qaldırılması və bir növ iqtisadi muxtariyyətin verilməsi, habelə büdcə xərclərinin milli valyutada ilk dəfə olaraq 20 milyardlıq baryeri ötüb keçməsi büdcə layihəsini xarakterizə edən mühüm keyfiyyətlər sırasında vurğulanmalıdır. Mən düşünürəm ki, Dövlət Neft Fondundan transfertin məbləğinin azaldılması tendensiyası gələcək illərin dövlət büdcələrində də qorunub saxlanılmalıdır. Dövlət investisiyalarının təminatı qədər, yəni o məbləğdə Dövlət Neft Fondundan transfert daha düzgün olardı.
Bundan başqa, dövlət büdcəsinin layihəsi ilə bağlı bəzi məqamları xüsusilə vurğulamaq istəyirəm. Hörmətli həmkarlarım əmək haqlarının artırılması məsələsini qaldırdılar. Mən düşünürəm ki, Azərbaycanın reallıqları, hazırkı inkişaf səviyyəsi əmək haqlarının artırılması məsələsinin bir daha əsaslı şəkildə gündəmə gətirilməsini zəruri edir. Düzdür, mən əmək haqlarının dəfələrlə, sifarişli şəkildə artırılması kimi absurd bir təklifin tərəfdarı deyiləm. Belə bir addım nəinki xeyir verərdi, əksinə, əmtəə-pul münasibətlərindən tutmuş pulun alıcılıq qabiliyyətinin dəfələrlə enməsinə qədər çox ciddi fəsadlar törədə bilərdi. Lakin iqtisadi arqumentlərə söykənməklə əmək haqlarının artırılması məsələsində əsaslı tədbirlər görülməsinin vaxtı çoxdan çatıb. Çünki bunu ən azından Azərbaycanın mövcud iqtisadi reallıqları diktə edir.
Bundan başqa, vurğulamaq istədiyim digər məsələ büdcə gəlirləri içərisində verginin xüsusi çəkisinin çox aşağı olmasıdır. Əfsuslar olsun ki, son 6–7 il ərzində verginin xüsusi çəkisinin azalması tendensiyası davam edir və nə vaxt dayanacaq, məlum deyil. Son illərdə, əsasən də, 2013-cü ildə Vergilər Nazirliyi tərəfindən qeyri-leqal əmək münasibətlərinin, habelə qeyri-leqal gəlirlərin aşkarlanması və vergiyə cəlb olunması ilə bağlı çox təqdirəlayiq tədbirlər həyata keçirildi. Düzdür, bunlar vergi yığımından tutmuş əhalinin məşğulluq və işsizlik səviyyəsinin göstəricilərinə də özünün müsbət təsirini göstərdi, amma düşünürəm ki, bu tədbirlər kampaniya xarakteri daşımamalıdır. Bu, mütəmadi olaraq həyata keçirilməlidir.
Heç kim üçün sirr deyil ki, bu gün Azərbaycanda elə fəaliyyət sahələri var ki, nəinki vergidən yayınır, hətta onların ödədiyi vergi ilə əldə olunan real gəlirlər arasında kəskin uyğunsuzluq mövcuddur. Məsələn, şadlıq evi biznesindən, müğənnilər, şou-biznes əhlindən tutmuş fərdi, qeyri-yaşayış mənzillərinin icarəyə verilməsinə qədər çox geniş fəaliyyət sahələri var ki, onlar ya vergidən yayınır, ya da lazımi səviyyədə vergiyə cəlb olunmurlar. Bu gün Bakı şəhərində elə bir bina tapmaq mümkün deyil ki, orada çoxlu sayda mənzillər və ya qeyri-yaşayış sahələri icarəyə verilməsin. Düzdür, bəlkə də bunların aşkarlanması əmək tələb edən çətin bir məsələdir, amma büdcə gəlirləri içərisində verginin payının təxminən üçdə bir qədər olması, düşünürəm ki, düzgün deyil.
Bütün bunlarla yanaşı, düşünürəm ki, müzakirə elədiyimiz dövlət büdcəsinin layihəsi Azərbaycanın strateji iqtisadi inkişaf xəttinə uyğun tərtib olunmaqla, Azərbaycanın növ-bəti bir ildə davamlı inkişafını təmin edə biləcək bir keyfiyyətdədir. Ona görə də mən bu layihəyə səs verəcəyəm və hörmətli həmkarlarımı da analoji addım atmağa dəvət edirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Musa Quliyev. Hazırlaşsın Çingiz Qənizadə.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, 2014-cü ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanıb və dünyada gedən sosial-iqtisadi prosesləri nəzərə alan, Azərbaycandakı reallıqları və perspektivləri düşünən akademik səviyyədə hazırlanmış bir sənəddir. Hesab edirəm ki, bu sənəd Azərbaycan xalqının, Azərbaycan dövlətinin gələn ildəki inkişafına öz töhfələrini verəcəkdir.
Bu vacib sənədin hazırlanmasında əməyi olan hər bir kəsə, xüsusilə Maliyyə Nazirliyinin mütəxəssislərinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, həmişə olduğu kimi, bu il də büdcənin parametrlərini daha aydın şəkildə özündə əks etdirən Hesablama Palatasının rəyini də yüksək qiymətləndirirəm və bu qurumun əməkdaşlarına “sağ olun” deyirəm.
Büdcə zərfinin təhlili göstərir ki, 2014-cü ilin dövlət büdcəsi sosialyönümlü, eyni zamanda, perspektivə və inkişafa yönəli bir büdcədir. Büdcə göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası uğurla davam edir. Eyni zamanda, nəzərə alaq ki, dünya maliyyə böhranının təsirləri hələ də aradan qalxmadığı və bu proseslərin getdiyi bir zamanda Azərbaycanda gələn il ümumi daxili məhsulda 5,2 faiz iqtisadi artım nəzərdə tutulub və Azərbaycan, cənab Prezidentin söylədiyi kimi, sosial dövlətə çevrilmək funksiyasını qarşısına məqsəd qoymuşdur. Bu da, şübhəsiz ki, cənab Prezidentin balanslaşdırılmış iqtisadi siyasətinin uğurudur, hökumətimizin ahəngdar fəaliyyətinin nəticəsidir.
Gələn ilin dövlət büdcəsində Azərbaycan əhalisinin həm gəlirləri, həm də xərcləri artmışdır. İnflyasiyanın faizi aşağı düşmüşdür. Azərbaycan əhalisinin ümumi daxili məhsuldan pay bölgüsü, yəni adambaşına düşən ümumi daxili məhsul 6000 dollara çatır, orta aylıq əmək haqqı 611 dolları, yaşayış minimumu 160 dolları keçir. Bütün bunlar göstərir ki, artıq Azərbaycan sosial-iqtisadi göstəricilərinə görə inkişaf etməkdə olan dövlətlərin ön sırasında gedir.
Heç şübhəsiz ki, artıq Azərbaycanın sosial-iqtisadi həyatında yeni bir dövr başlayır. Bu dövrdən başlayaraq istər büdcəmizin təhlil olunmasında, proqnozlaşdırılmasında, istərsə də ümumi daxili məhsulun formalaşdırılmasında artıq başqa rıçaqların işə düşməsinə ehtiyac var. Nəzərə alsaq ki, doğru olaraq ildən-ilə Dövlət Neft Fondundan transfertləri azaldırıq və büdcəmizin, eləcə də ümumi daxili məhsulumuzun qeyri-neft sektoru hesabına həyata keçirilməsini ön plana çəkirik, onda artıq maliyyə, vergi, gömrük sahələrinin məsuliyyət və səlahiyyətlərinin artırılması barədə düşünmək lazımdır.
Gələn il büdcənin böyük bir hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. Burada həm Vergilər Nazirliyinin, həm də Dövlət Gömrük Komitəsinin yükünün artırılması nəzərdə tutulur. Heç şübhəsiz ki, burada kifayət qədər resurslar vardır və bu barədə millət vəkilləri də söylədilər. Mən də hesab edirəm ki, Azərbaycana idxal olunan strateji əhəmiyyət daşımayan kənd təsərrüfatı məhsullarına rüsumların artırılmasını da göz önünə gətirmək lazımdır. Azərbaycan aqrar potensialı böyük olan bir ölkədir. Əhalimizin xeyli hissəsinin kənd təsərrüfatı sahəsində səriştəsi yüksəkdir və onların Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac etmək imkanları vardır. Belə olan halda, Azərbaycana kartof, soğan, göy-göyərti gətirilməsi və Azərbaycanda maya dəyərindən ucuz qiymətə satılması, hesab edirəm, Azərbaycan kəndinin inkişafına o qədər də müsbət təsir göstərməyəcək. İdxal rüsumlarını artırmaq, həmin rüsumdan gələn gəliri Azərbaycan kəndlisinə dotasiya şəklində vermək olar.
Mən Sosial siyasət komitəsini təmsil etdiyimə görə, demək istəyirəm ki, büdcədə sosial xərclərin payı xeyli yüksəkdir. Əgər mənzil-kommunal xərclərini də bura əlavə etsək, büdcənin 30 faizə qədərini sosial xərclər təşkil edir. Sosial xərclərə 5,4 milyard manatdan çox vəsait ayrılmışdır. Səhiyyə, təhsil, mədəniyyət, idman, sosial müdafiə xərcləri 8 faizdən bəzi hallarda 10–12 faizə qədər artırılmışdır ki, bu da Azərbaycan əhalisinin gələn ildə yüksək həyat səviyyəsini təmin edəcəkdir.
Mən bəzi təkliflərimi də söyləmək istəyirəm. Uşaqların icbari dispanserizasiyası ilə bağlı cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi layihə bu ilin yaz sessiyasında qəbul olundu. Bu qanuna əsasən gələn ildən başlayaraq Azərbaycanda 0–18 yaşında uşaqlar icbari olaraq dövlət tibb müəssisələrində dövlət vəsaiti hesabına dispanserizasiyadan keçməlidirlər. Maliyyə Nazirliyinə təşəkkür edirəm ki, bu qanuna operativ reaksiya veriblər və icbari dispanserizasiyaya 5 milyon manat pul ayrılıb. Amma gəlin, baxaq, 3 milyon nəfər uşağın 1 ildə müayinəsi üçün bu vəsait yetərlidirmi? Təxminən bir uşağın müayinəsinə iki manatdan da az məbləğ düşəcəkdir. Dispanserizasiya nəticəsində hər hansı bir xəstəliyə meyilli olan, yaxud xəstəlik aşkar olunan uşaqlar təkrar il ərzində 4 dəfəyə qədər müayinədən keçməlidirlər. Onda bu vəsait, heç şübhəsiz ki, çatmayacaq. Ona görə təklif edirəm, əgər mümkündürsə, icbari tibbi sığorta üçün nəzərdə tutulmuş 10 milyon manat vəsait bu istiqamətə yönəldilsin, çünki icbari tibbi sığortanın gələn il də həyata keçirilməsinə mənim ümidim yoxdur. Bu istiqa-mətdə hazırlıq işləri görülməlidir. Hesab edirəm ki, icbari tibbi sığorta işinə biz daha fundamental şəkildə hazırlaşmalıyıq.
Sosial evlərlə bağlı bir-iki kəlmə demək istəyirəm. Cənab Prezident yoxsulluğun aradan qaldırılmasını prioritet istiqamət kimi ortaya qoyub. Azərbaycanda mütləq yoxsulluq 5 faiz həddinə düşüb, yəqin, yaxın gələcəkdə biz artıq mütləq yoxsulluqdan deyil, nisbi yoxsulluqdan danışacağıq. Amma evi olmayan adamın, təbii ki, yoxsul olmamasından da danışmaq mümkün deyil. İldə Azərbaycanda 90 min rəsmi nikah bağlanılır. Sosial ipoteka vəsaiti hesabına isə bunların yalnız 1 faizini evlə təmin etmək olar. Mən hesab edirəm ki, biz sosial evlərin tikintisinə önəm verməliyik. Vacib deyil ki, bunların hamısı dövlət büdcəsindən maliyyələşsin. Sahibkarlara müəyyən imtiyazlar və güzəştlər vermək olar ki, onlar bu işi həyata keçirsinlər.
Burada ipoteka kreditlərinin şərtlərindən çox danışıldı. Mən də onun tərəfdarıyam ki, ipoteka kreditləri daha geniş əhalini əhatə edə biləcək bir səviyyədə verilməlidir. İslam bankçılığını bura gətirmək olar və onların şərtlərinə uyğun olaraq biz sosial evlərin tikilməsinə və mənzil-məişət probleminin həllinə ciddi təkan verə bilərik.
Uşaqların yay istirahətinin təşkili ilə bağlı da təklif vermək istəyirəm. Təhsil Nazirliyinə 1,7 milyard manata yaxın vəsait ayrılmışdır. Hesab edirəm, o vəsaitin 2–3 milyonunu uşaqların yay istirahətinin təşkilinə yönəltmək yaxşı olardı.
Mənim deputat həmkarlarım dünən də, bu gün də şəkərli diabet, böyrək, qaraciyər problemləri barədə danışdılar. Mən də o fikirdəyəm, bu sahəyə diqqət artırılmalıdır. Həm təhsilin, həm də səhiyyənin proqramlarla maliyyələşdirilməsi çox gözəldir. Bunun tərəfdarıyam və hesab edirəm, bu iş davam etdirilməlidir. Amma maliyyələşmənin səmərəliyini də hərdən analiz etmək lazımdır ki, biz maliyyə vəsaitini daha çox nəticəyə yox, profilaktikaya yönəldək, həmin məsələlərlə ağırlaşdırılmış vəziyyətdə rastlaşmayaq.
Bütövlükdə götürəndə mən Azərbaycanın 2014-cü il dövlət büdcəsini uğurlu hesab edirəm və düşünürəm ki, gələn il xalqımızın sosial rifah halı daha da yüksələcək. Büdcənin lehinə səs verəcəyəm, deputat həmkarlarımızı da buna dəvət edirəm. Başda cənab Prezident olmaqla hökumətimizə gələn ildə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə, hazırlaşsın Fəzail Ağamalı.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri, dəyərli həmkarlarım! Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı bizə təqdim olunan rəylərlə tanış olarkən bir neçə faktı özüm üçün qeyd elədim. Belə hesab edirəm ki, bunları komitə iclasında desəm də, bir daha təkrarlamaq vacibdir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2013–2014 Hesabatı”na əsasən son bir il ərzində Azərbaycanın rəqabətlilik indeksi 4,41–4,51-ə qalxıb və ölkəmiz 7 pillə irəliləyərək 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb.
Eyni zamanda, həmin hesabatda Azərbaycan makroiqtisadi sabitlik üzrə 8-ci yerdədir. Makroiqtisadi göstəricilərin ən əsas şərtlərindən biri olan inflyasiya sahəsində Azərbay-can müsbət mənada birinci sırada yer alıb. Dövlət borcunun ümumi daxili məhsula nisbətinin ən az olduğu ölkələr sırasında Azərbaycan 13-cü yerdədir. Belə hesab edirəm ki, bu, Azərbaycanın iqtisadi siyasətinin uğurudur və təbii ki, buna sevinirik.
Bu rəqəmləri göstərməkdə məqsədim odur ki, cənab Prezidentin iqtisadi siyasətinin uğurla həyata keçməsində ona yaxından dəstək olan müvafiq qurumlar var. Fürsətdən istifadə edib maliyyə naziri cənab Samir Şərifova, Mərkəzi Bankın İdarə Heyətinin sədri cənab Elman Rüstəmova, İqtisadi İnkişaf Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və digər qurumlara təşəkkür etmək istəyirəm. Onlar dövlətin iqtisadi uğurlarında cənab Prezidentin siyasətinə yaxından dəstək olublar. Cənab Prezidentin hökumətin formalaşmasında yenə də həmin şəxsləri komandasında görməsi məhz elə bu uğurun nəticəsidir.
İstəyirəm, büdcə ilə bağlı müəyyən təkliflərimi təqdim eləyəm. Çox istərdim ki, Maliyyə Nazirliyi bu məsələlərə baxsın və təkliflər məqsədəuyğun hesab olunsa, onlar nəzərə alınsın. Yerli icra hakimiyyəti orqanlarında çalışanların əmək haqqı məsələsinə bir daha toxunmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, kəndlərdə yerli icra nümayəndələrinin əmək haqqı olduqca aşağıdır. Misal üçün, Beyləqanın Dünyamalılar kəndində 3 seçki məntəqəsi var və dördüncüsü də artıq bu il formalaşmaq üzrədir. Beş min nəfərə yaxın əhalisi olan kəndin icra nümayəndəsi 220 manat əmək haqqı alır. Amma elə həmin rayonun 1000 nəfər sakini olan başqa bir kəndin icra nümayəndəsi də təxminən bu qədər əmək haqqı alır. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməli və yerli icra orqanlarının əmək haqqı məsələsinə baxılmalıdır. Bəzi kəndlərdə icra nümayəndələrinin oturması üçün inzibati binalar belə yoxdur. 
Sosial ipoteka ilə bağlı həmkarlarım qeyd etdilər, mən də təəssüf hissi ilə bildirirəm ki, növbəti 2014-cü ildə sosial ipoteka 40 milyon həddində qalıb, artırılmayıb. Çox arzula-yardım ki, bu rəqəm artırılsın. Hörmətli maliyyə nazirinin nəzərinə çatdırırıq ki, yerlərdə bizdən xahiş edirlər ki, bu məsələyə baxılsın. Bir şeyi də qeyd edim ki, qaydalar nə qədər sərt, faiz dərəcələri nə qədər ağır olsa da, sosial ipotekadan ancaq şəhərdə yaşayan insanlar bəhrələnə bilirlər. Regionlarda gənc ailələr, həkimlər, müəllimlər, dövlət qulluq-çuları bundan bəhrələnə bilmirlər, çünki girov qoyulmalı əmlakı banklar qəbul etmir. Mən çox istərdim ki, hökumət kənd yerlərində əhaliyə, heç olmasa, 10–15 min manat sosial ipotekaların verilməsi üzərində düşünsün. Həyətyanı sahələrdə evlərin tikilməsi o qədər pul tələb etmədiyinə görə 15–20 min civarında ipoteka vermək məqsədəuyğun olardı.
Mən də müəllim və həkimlərlə bağlı həmkarlarımın dedikləri fikirlərlə razılaşıram. Hörmətli maliyyə naziri qeyd etdi ki, biz ixtisarlarla müəyyən balanslaşma apara bilərik. Mən çox istərdim ki, bu siyasət həyata keçirilərkən həm də humanist bir addım atılsın. Həddən çox ixtisarlar da, yəqin ki, müəyyən problemlər yarada bilər.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Təhsil nazirinin burada iştirakından istifadə edərək bir məqamı diqqətə çatdırmaq istəyirəm. Hörmətli Mikayıl müəllim, elə kənd məktəbləri var ki, 3–4 müəllim çatışmır. Bəlkə Siz ali məktəblərlə bir razılaşma əldə edəsiniz və məhz həmin məktəbdə ən azı 3–5 il çalışacaq şəxslərin müəyyən şərtlərlə ali məktəbə qəbul olunmasına şərait yaradaq. Çünki İmişli və Beyləqanın ucqar kəndlərində müəllimlər çatışmır. Yəni yoxdansa, heç olmasa, müəyyən şərtlərlə, hətta bir az aşağı savadlı insanların olması daha önəmli olardı.
Səhiyyə ilə bağlı danışmaq istəyirəm. Mən baxdım, bu il şəkərli diabet xəstələri üçün 34 milyon manat pul ayrılıb. Amma hörmətli Oqtay müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, kənd yerlərində görüşlərdə olarkən bizə deyirlər ki, əvvəllər diabetlə bağlı dərman və preparatları kənddə alırdıq və müəyyən sənədi də imzalayırdıq. Amma indi bu, mərkəz-ləşdirilmiş qaydada həyata keçirilir və rayon mərkəzindən 30–40 kilometr kənarda yerləşən kəndin sakinləri dəfələrlə səhiyyə şöbələrinə gedib-gəlməli olurlar və bu da çox böyük əziyyətdir. Belə hesab edirəm ki, bu məsələyə baxmaq lazımdır. Amma deyim ki, bu dərmanların xəstələrə çatdırılmaması halları da var.
Mən bir misal çəkim. Bu günlərdə gənc bir ana Milli Məclisə müraciət etmişdi. 7 yaşında övladı anadangəlmə ağır xəstədir. Məlum oldu ki, ona 1 ayda 100 dənə şəkəri ölçmək üçün preparat lazım olduğu halda, 6 ay üçün ona cəmi 50 dənə verilib. Deməli, 50 qəpikdən hesablasaq, 6 ay üçün 300-400 manat pul xərcləməlidir. Düzdür, deputat həmkarımız Cavanşir Feyziyev ona kömək etdi, sağ olsun, amma bu cür hallar olduqca çoxdur. Büdcədən pul ayrılırsa, çox istərdim ki, buna nəzarət olunsun, xəstələrimiz ondan bəhrələnə bilsinlər.
Kəndlərdə meliorasiya işləri olduqca vacibdir. Xüsusilə seçildiyim bölgədə insanlar məskunlaşdığı evlərdən, ata-baba yurdlarından köçməyə məcbur qalırlar. Qrunt suları məsələsi və meliorasiya işləri başa çatdırılmadığı üçün insanlar o torpaqdan normal istifadə edə bilmirlər, evləri də qəzalı vəziyyətə düşür. Çox istərdim ki, dövlət büdcəsindən bu məsələyə əlavə pulun ayrılması üzərində də düşünək.
Məhkəmə hakimiyyəti ilə bağlı bölmədə mən bir məqama baxdım, çox acınacaqlı vəziyyətdir. “2013-cü illə müqayisədə məhkəmə sisteminin saxlanması”. Belə yazılıb: “məhkəmə sistemi”. Əslində, məhkəmə hakimiyyətin bir qoludur və söhbət məhkəmə hakimiyyətindən gedir. Onun saxlanması üçün 59,4 milyon manat pul proqnozlaşdırılıb və bu da keçənilkindən cəmi 1,5 faiz, 0,9 milyon manat çoxdur. Bu gün məhkəmə hakimiyyətinin aparatında çalışan tərcüməçilər, katiblər, digər işçilər cəmi 250–300 manat əmək haqqı alırlar. Çox azdır və bu pul heç gənclərin iş yerlərinə gəlib-getməsinə və naharına çatmır. Sonra da, təbii ki, onlardan yüksək iş tələb edə bilmirik.
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim müəllimi və kənd təsərrüfatı naziri Heydər müəllimi təbrik edirəm. Hər ikisinə aid olan bir məsələ var. Burada əlillərə evlərin tikilməsi qeyd olundu. Həm də onlara maşınların verilməsində müəyyən sürətlənmənin həyata keçirilməsini çox arzulayıram. Hörmətli Heydər müəllim, aqrolizinq sahəsində olduqca biabırçı bir vəziyyət var. “Aqrolizinq” ASC-nin İmişli rayon filialının rəhbəri də, yəqin ki, haqlı olaraq həbs olunub. İnsanlara gübrə və texnika vaxtında çatdırılmır və eyni zamanda, olduqca baha qiymətə təklif olunur. Mənə elə gəlir ki, bu sahə nəzarətə götürülməli, bura əlavə vəsait ayrılmalı və insanlara lazım olan texnika və gübrənin vaxtında verilməsi təmin edilməlidir.
Ölkədə qaz problemi hələ də qalır. Cənab Prezident demişdi ki, ölkənin 90 faizdən yuxarısı qazlaşdırılacaq, amma təəssüf ki, bu problem qalır. İmişlidə, Beyləqanda dağ yox, dərə yox, amma cəmi 30–35 faiz qazlaşdırma işi gedib. Mən arzulayardım ki, bu proses də sürətləndirilsin.
Bir də, biz “İctimai iştirakçılıq haqqında” Qanun qəbul etmişik. Büdcədən ayrılan pulların xərclənməsinə nəzarət gücləndirilməlidir. “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq bütün nazirliklər özlərində ictimai təşkilatların yaradılmasını sürətləndirməlidirlər. Artıq 10 ildir, Ədliyyə Nazirliyində bu qurum var, orada gedən islahatlara kifayət qədər dəstək ola bilirlər. Mən digər nazirləri də buna çağırıram.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı buyursun.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! Təqdim edilmiş büdcə zərfi çox yüksək və peşəkar səviyyədə hazırlanıb müzakirəmizə təqdim olunmuşdur. İstər komitələr səviyyəsində, istərsə də plenar iclasda gedən müzakirələr bir daha sübut edir ki, təqdim edilmiş layihəyə ciddi şəkildə opponentlik etmək mümkün deyil. Başqa cür desək, burada ölkənin sosial-iqtisadi məsələlərinin bütün detalları çox böyük incəliklə və peşəkarlıqla işlənmişdir. Eyni zamanda, ötən ilin yekunları, Azərbayca-nın bütün sahələrdə əldə etmiş olduğu uğurlar və bunların dinamik xarakter daşıması bir daha təsdiq edir ki, bu gün cənab Prezidentin rəhbərliyi altında çox peşəkar kadrlardan təşkil olunan hökumət fəaliyyətini yüksək səviyyədə qurmaqdadır. Buna görə də onların hər birinin ünvanına son dərəcə xoş sözlər demək lazımdır.
Bütün bunlarla bərabər, istərdim ki, bir sıra təkliflər üzərində də dayanım. Təkliflərimi deməmişdən öncə deyim ki, mən hörmətli həmkarlarım Abel Məhərrəmovun təhsil və elmlə bağlı söyləmiş olduğu fikirləri yüzdə-yüz bölüşürəm. Əgər doğrudan da, Azərbaycanı gələcəkdə yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasında görmək istəyiriksə, hər şeydən öncə təhsilə və elmə xüsusi fikir vermək lazımdır. Mənə belə gəlir ki, növbəti illərdə büdcədən bu sahələrə daha çox maliyyənin ayrılmasına diqqət yetirilməlidir. Biz Azərbaycanın dünya miqyasında söz sahibi olması, özünün bütün sahələrini əhatə edən avadanlıqlarının olması və elmə əsaslanmış digər vacib şərtləri yerinə yetirməsi üçün, əlbəttə, bu sahəyə xüsusi diqqət yetirmək lazımdır. Ona görə də Abel müəllimin ürək yanğısı ilə söylədikləri hər birimizi düşündürən son dərəcə ciddi fikirlərdir.
Eyni zamanda, Qüdrət Həsənquliyevin İranla bağlı söyləmiş olduğu fikirlərə də şərikəm. Sadəcə, soruşmaq lazımdır ki, niyə bağlayırdın? İndi sərhədlərin bağlanması ətrafında müzakirələr gedir. Nə baş verib, nə olubdur? Azərbaycan buna hər hansı bir şərait yaratmayıbdır. Sən niyə sərhədi bağlayırsan və insanları son dərəcə çətin vəziyyətə salırsan? Xüsusilə Naxçıvanda insanlar məcbur olub sərhədi piyada keçirlər. Hansı yolla, hansı vəsaitlə gedib vətənə çıxacaqlar, onu bir Allah bilir. Ona görə də bunlarla münasibətdə elə bir çərçivə müəyyənləşdirmək lazımdır ki, bu cür hallar baş verməsin.
Konkret təkliflərimə keçmək istərdim. İlk növbədə, kənd təsərrüfatı ilə bağlı bəzi təkliflərimi diqqətinizə çatdırıram. Bəlli olduğu kimi, qeyri-neft sektorunun ən mühüm sahəsi kənd təsərrüfatıdır. Ölkə Prezidenti kənd təsərrüfatının inkişafı üçün bütün mümkün olan addımları atır. Bu sahəyə investisiyaların qoyuluşu və digər vacib olan tədbirləri görür. Bu da kənd təsərrüfatının inkişafına özünün müsbət təsirini göstərir və Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı bu gün bir az rahat nəfəs almaq mümkündür.
Bununla bərabər, mənə elə gəlir ki, kənd təsərrüfatı məhsullarının istehsalına və onun ixracına diqqəti artırmaq lazımdır. Bu gün kənd təsərrüfatı məhsullarının ixracı arzu olunan səviyyədə deyil. Əgər Azərbaycanın kənd təsərrüfatı məhsullarının xaricə lazımi səviyyədə ixracını təmin etsək, yəqin, siz də mənimlə şərik olarsınız ki, Azərbaycana mil-yardlarla pul gələ bilər. Lakin bunu etmək mümkün deyil. Bunun, əlbəttə, bir sıra səbəbləri var. Özümüzdən asılı olan səbəb hər şeydən əvvəl rüsumların tətbiqi ilə bağlıdır. Türkiyə kimi bir ölkədə kənd təsərrüfatı məhsullarının xaricə ixracında heç bir rüsum tətbiq olunmur. Əksinə, o, stimullaşdırılır, dövlət bu cür insanlara əlavə vəsait verir. Biz nə üçün buna keçməyək?
Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan, eyni zamanda, kənd təsərrüfatı məhsullarını sənaye üsulu ilə istehsal edən sahələrdə enerji daşıyıcılarının qiymətlərini ləğv etmək lazımdır. Bu, mümkün deyilsə, heç olmasa, güzəştli tariflər tətbiq etmək lazımdır, necə ki, bu sahədə vergilər tətbiq olunmur. Mənə elə gəlir ki, bu, həyata keçirilsə, kənd təsərrüfatı məhsulları ixracından ciddi uğurlar əldə edə bilərik.
Digər tərəfdən, Rusiya bazarında yaranmış problemlərdən nəticə çıxarmalıyıq, alternativ bazarlar müəyyənləşdirməliyik. Bunun üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına girməsi ilə bağlı proses sürətləndirilməlidir.
Son vaxtlar belə bir problemlə rastlaşırıq ki, Salyan, Neftçala, ümumiyyətlə, Kür boyu rayonlarda artezian quyuları vasitəsi ilə suvarma sistemində enerji daşıyıcılarının pulunun verilməməsi ucbatından həmin yerlərə elektrik enerjisi verilmir, nasoslar işləmir. Araşdırdıq, bəlli oldu ki, bu sistemə ayrılmış olan vəsait kifayət deyil. Hörmətli Samir müəllim, bu məsələyə xüsusi diqqət vermək lazımdır ki, ilin ortasında həmin pul qurtarmasın, çünki Kür boyu zonalar ancaq elektrik enerjisini tətbiq etməklə suvarma problemini həll edə bilir.
İkinci toxunacağım məsələ texniki peşə təhsili ilə bağlıdır. Keçən ilin statistikası göstərir ki, Azərbaycanda orta məktəbi qurtaranların sayı 200 minə yaxındır. Bunun 30 mini ali məktəblərə, 10 mini orta ixtisas məktəblərinə, cəmi 20 mini də texniki peşə məktəblərinə daxil olur. Vur-tut 60 min şagird qurtardıqdan sonra bu və ya digər sahədə peşə qazanmaq imkanı əldə edir. Amma onların 140 minə qədəri bu gün peşə qazanmaqdan kənardadır. Ona görə də mənə belə gəlir ki, hökumət texniki peşə təhsili ilə bağlı xüsusi proqram hazırlamalıdır və bu məsələni həyata keçirmək üçün əlavə vəsait ayrılmalıdır.
Kommunal xərclərin, ödənişlərin artırılması ilə bağlı söylənilən fikirlərə mən də şərikəm. Hörmətli Samir müəllimin komitələrin iclasında söylədiyi fikirlər mətbuatda da getdi. Mən düşünürəm ki, bunun tətbiqinə ehtiyac yoxdur. Bu, Azərbaycanda kifayət qədər narazılıqlar yarada bilər. Nəyinsə xatirinə bunu artırmağa lüzum yoxdur. Ona görə də xahiş edərdim ki, bu məsələyə xüsusi diqqət verilsin.
Nəhayət, siyasi partiyalara ayrılan vəsaitin müəyyən miqdarda artırılmasına ehtiyac var. Biz ayrılmış vəsaitlə partiya quruculuğunda müəyyən uğurlar əldə etdik. Düşünürəm ki, əlavə vəsaitin ayrılması partiyaların Azərbaycanın siyasi mühitində yerinin və rolunun möhkəmləndirilməsinə ciddi töhfələr verə bilər. Xahiş edərdim ki, bu da nəzərə alınsın.
Mən bir daha deyirəm ki, təqdim edilmiş büdcə layihəsini yüksək qiymətləndirirəm. Ümumi müzakirələrdən sonra büdcə layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.


(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Müzakirəni davam etdiririk. Sahibə Qafarova buyursun.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir. Büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanları çərçivəsində hazırlanması ölkəmizdə düzgün büdcə siyasətinin həyata keçirildiyini bir daha göstərir.
Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son illər davamlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla, bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Respublikamız idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, bazar iqtisadiyyatı ilə bağlı hüquqi normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan keçid dövrünü arxada qoydu və yeni iqtisadi inkişaf mərhələsi başlayıb. Bu gün ölkəmizdə hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənir. Oktyabrın 9-da keçirilən Prezident seçkiləri də bir daha bu reallığı təsdiq etdi.
Hazırda ölkədə aparılan genişmiqyaslı islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Bu barədə məndən əvvəl çıxış edən hörmətli həmkarlarım ətraflı danışıblar, mən, sadəcə, bir neçə məqama toxunmaq istəyirəm. Mən təhsil sahəsində aparılan dövlət siyasətini misal göstərərək, qət olunmuş məsafənin nə qədər böyük olduğunu ifadə etmək istərdim. Təhsil sahəsinə ayrılan vəsait hər il artırılır. Bu, olduqca müsbətdir və dinamik inkişafa səbəb olur.
Hazırda ölkəmizdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu proses təkcə paytaxtla məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə respublikada heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib.
Millət vəkili seçildiyim Şəmkir rayonunda da orta məktəblərin bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. Dünən bu barədə həmkarım hörmətli Məlahət xanım danışdı. Mən isə, sadəcə, vurğulamaq istəyirəm ki, bir çox kənd məktəbləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ancaq bununla yanaşı, bəzi şəhər məktəblərində şərait hələ də qənaətbəxş deyil. Xüsusən Nizami adına şəhər orta məktəbinin təmirinə ciddi ehtiyac var. Bu məktəb 1924-cü ildə tikilib və bu gün şəhərin mərkəzində yerləşən məktəb çox acınacaqlı bir vəziyyətdədir. Mən keçən il büdcə müzakirə olunanda bu məsələni qaldırmışdım. Yenə də xahiş edərdim ki, bu məktəbin əsaslı təmiri üçün gələn ilin büdcəsindən vəsait ayrılsın.
Həmçinin Çinarlı qəsəbə 1 nömrəli orta məktəbinin və həmin qəsəbənin xəstəxanasının çox ciddi təmirə ehtiyacı var. Bununla bağlı seçicilərimizdən kifayət qədər müraciətlər daxil olur, bu məsələ dəfələrlə bizim görüşlərimizdə qaldırılır. Bu problem insanları narahat edir və elə bilirəm ki, bunların həlli vacibdir. Ona görə mən bu problemlərin aradan qaldırılması, qeyd etdiyimiz təhsil və səhiyyə məsələlərində əsaslı təmir, yenidənqurma işlərinin aparılması üçün büdcədən vəsait ayrılmasını xahiş edirəm. Son olaraq demək istəyirəm ki, mən bu büdcəyə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Nazirlər Kabinetinin hörmətli üzvləri, icazə verin, sizləri yenidən vəzifəyə təyin edilməyiniz münasibəti ilə təbrik edim. Əminəm ki, siz doğma yurdumuzun inkişafı naminə bu etimadı doğruldacaqsınız. Hər zaman mənim ərizə və deputat sorğularıma diqqətlə yanaşdığınız, deputat seçildiyim Masallı rayonunun problemlərinin həllinə yaxından köməklik göstərdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.
Büdcə layihəsini təhlil edərkən görürük ki, o, kifayət qədər düşünülmüş və dövlətin uzunmüddətli strategiyasını özündə əks etdirən bir layihədir. Növbəti ildə də hökumət qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırmışdır. Dövlətimiz ərzaq təhlükəsizliyinin təmin olunması üçün növbəti addımları atacaqdır. Bütün bunlar bizi, əlbəttə ki, qane edir.
Həmçinin büdcə zərfindən göründüyü kimi, hökumət mənzil təsərrüfatına, mənzil fondunun əsaslı təmirinə, kommunal təsərrüfata, abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi işlərinə, mərkəzi və daxili yolların təmirinə və sair bu kimi işlərə görə ayrı-ayrı şəhər və rayonlara ayrılan vəsaitin artımını nəzərdə tutub. Lakin təəssüf ki, Bakının özündə çox böyük problemlər var, mən onlara da diqqət yetirmək istəyirəm.
İşıqlandırılmamış, təmir edilməmiş yollar çoxdur. Qanunvericilikdə tətbiq edilən sərt cərimələrə baxmayaraq, zibil urnaları hələ də yerləşdirilməyib. Şəhərin lap mərkəzində səkilər bərbad vəziyyətdədir. İctimai çimərlik, Bakıətrafı kəndlərin sanitar vəziyyəti aşağı səviyyədədir. Xüsusilə ətraf mühitin tullantılardan təmizlənməsi problemi mövcuddur. Ümumiyyətlə, Bakıda ekoloji vəziyyət heç də ürəkaçan deyil.
Paytaxtımızda bir çox hündür mərtəbəli binaların lift sistemi tamamilə bərbad vəziyyətdədir. Dövlət başçısının bu barədə xüsusi göstəriş verməsinə baxmayaraq, liftlərin dəyişdirilməsi işi çox ləng gedir. Bəzi mənzillərdə istilik sistemləri, demək olar ki, yoxdur və ya işləmir. Xruşov vaxtından qalmış, artıq tam şəkildə fiziki və mənəvi köhnəlməyə məruz qalmış, yaşayış üçün təhlükəli olan beşmərtəbəli binalar da öz taleyinin həllini gözləyir. Siz bilirsiniz ki, Moskva şəhərində beşmərtəbəli binaların sökülməsi prosesi artıq başa çatdırılıb. Biz hələ də nəyi isə gözləyirik. Fikrimcə, bütün bu problemlərin həllini sürətləndirmək lazımdır. Bu da əlavə büdcə vəsaiti tələb edir.
Məni maraqlandıran digər məsələ də yerli icra hakimiyyəti orqanlarında çalışan baş mütəxəssislərin vəzifə maaşlarının aşağı olmasıdır. Belə ki, mərkəzi icra hakimiyyəti or-qanlarında çalışan baş mütəxəssis 400–500 manat aldığı halda həmin orqanların yerli idarələrində baş mütəxəssislər cəmi 150–200 manat maaş alırlar. Məsələn, Əmək və Əhali-nin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsinin əməkdaşı 175–200 manat arasında maaş alır. Halbuki həmin insan böyük maliyyə vəsaitlərinə təyinat və sərəncam verir. 200 manat maaşla ailəsini saxlaya bilməyən bu insanlar istər-istəməz həmin maliyyə vəsaitlərindən istifadə etməyə cəhd göstərəcəklər. Belə olan halda korrupsiya ilə necə mübarizə aparmaq olar? Buna görə düşünürəm ki, həmin şəxslərin vəzifə maaşlarını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Necə ki, vaxtilə Avropa Şurasının tələblərinə uyğun olaraq biz hüquq mühafizə orqanlarının əməkdaşlarının maaşlarını 4–5 dəfə artırmışıq.
Hörmətli hökumət üzvləri, siz bizlərə çox gərəksiniz, çünki seçicilərin problemlərinin çoxunu biz sizin köməyinizlə həll edirik. Ola bilsin ki, biz sizə daha az lazımıq. Amma hər halda lazımıq ki, heç olmasa, ildə bir-iki dəfə bu binada sizinlə görüşürük. Amma bizlər bir məsələ üzrə daha sıx əməkdaşlıq edə bilərik. O da Milli Məclis tərəfindən qəbul edilən qanunların zəif icraatı və ya onların icrası üçün lazımi nəzarətin olmamasıdır. Buna görə suallar doğur ki, kimdir günahkar və nə etməli? Çox güman ki, həm qanunverici, həm icra orqanları, həm də qanunlara lazımi səviyyədə hörmət etməyən sıravi vətəndaşlar günahkardırlar.
Ona görə təklif edərdim ki, ya Milli Məclisin, ya da Nazirlər Kabinetinin nəzdində daimi fəaliyyət göstərən, qanunların icrasını təhlil edən və icra mexanizminin təkmilləşməsi ilə məşğul olan xüsusi bir komissiya yaradılsın. Komissiya vaxtaşırı olaraq əldə etdiyi nəticələr barədə Milli Məclis qarşısında hesabat verə və tövsiyələri qeyd edə bilər. Daha sonra isə həmin tövsiyə və təkliflər qanunun icrasına məsul olan bu və ya digər nazirlik və idarələrə göndərilir. Vətəndaşların və icra orqanlarının Azərbaycan qanunlarına olan hörmətini artırmaq lazımdır. Bunun üçün də qanunlar qeyd-şərtsiz və hər kəs tərəfindən icra olunmalıdır.
Mən həmkarlarımın fikirləri ilə tam razıyam ki, təhsildə ciddi islahatlara başlamalıyıq, çünki məktəblərin təmir-tikinti işləri ilə kifayətlənmək olmaz. Texniki peşə təhsilimiz, demək olar ki, yox dərəcəsindədir.
Deputat seçildiyim Masallı rayonunun problemlərinə gəldikdə isə demək istəyirəm ki, cənab Prezident bölgəyə səfər edərkən bu problemlərin əksəriyyətinin həlli üçün göstərişini verdi. Lakin iki məsələni, hörmətli Samir müəllim, Sizin nəzərinizə çatdırmaq istərdim. Birinci, Heydər Əliyev Fondunun xətti ilə Masallıda inşa edilmiş bir neçə məktəbin idman və akt zalları yoxdur. Biz bu problemi sentyabr ayında şəxsən cənab Prezidentin nəzərinə çatdırmışıq və o, müvafiq göstərişlər verib. Biz xahiş edirik, bu barədə bizə köməklik göstərsinlər.
Bildiyiniz kimi, Masallı şəhərinə 5 ətraf kənd daxil edilərək böyüdülüb. Bununla əlaqədar həmin kəndlərin yolları abadlaşdırılmalı, küçələr işıqlandırılmalı, uşaq bağçaları, digər sosial obyektlər tikilməlidir. Bu işlərin görülməsi üçün də vəsait ayrılması məqsədəuyğun olardı. Xahiş edirəm, bu təkliflərimi nəzərdən keçirəsiniz və büdcənin yekun variantında uyğun gələnləri nəzərə alasınız. Büdcənin lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, o fikir yalnız Sizə aid deyil. Bəzi deputatlar da həmişə təklif edirlər ki, bir komissiya yaradılsın, qanunvericilik təşəbbüsü ilə çıxış elə-yirik, icra olunmur. Bu bilirsiniz nəyə bənzəyir? Bəzi ölkələrdə, məsələn, İndoneziyada 2 palata əvəzinə 3 palata var. Aşağı palata, yuxarı palata, bir də barışdırıcı palata. Yəni bizdə qanunvericilik orqanı kimi Milli Məclis, icra edən orqan kimi isə Nazirlər Kabineti var. Bir dənə də palata yaratmalıyıq ki, bunların ikisi arasında ayırdetmə işi aparsın?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Heç bir komissiya olmalı deyil. Nə etməli sualının cavabı budur ki, hər kəs öz işinə əməl etməlidir. Onda komissiyaya da ehtiyac olmaz. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Azərbaycan gerçəkdən də öz tarixinin çox önəmli dönəmini yaşayır. Azərbaycanın iqtisadi imkanları hazırda ölkəmiz və xalqımız üçün böyük bir potensial yaradır ki, Azərbaycan müasir bir ölkəyə çevrilsin. Ziyad müəllim çıxışında 5 ildən sonra Azərbaycanın dövlət büdcəsinin 100 milyard manata çatması barədə fikir söylədi. İnşallah, çox istərdik, belə olsun.
Biz bu gün çox maraqlı bir tendensiyanın da şahidi oluruq ki, artıq Azərbaycan cəmiyyəti iqtisadiyyatın digər sahələrinin inkişafına gözləntilərlə yanaşır. Bu gözləntiləri reallaşdırmaq üçün Azərbaycanda ən əsas amil, insan amili işləməyə başlamalıdır. Çünki müasir iqtisadiyyat peşəkar menecerlərdən, peşəkar işçilərdən ibarətdir. Biz Azərbaycanda sənayenin yeni istiqamətlərini müəyyənləşdirməyi planlaşdırırıqsa, turizmdən, kənd təsərrüfatı sahəsindən büdcəyə gəlirlər gözləyiriksə, deməli, bu sahələrdə işləyən adamlar lazımdır.
Bir şeyi etiraf eləməliyik ki, Azərbaycanın neft sənayesi beynəlxalq şirkətlərin dəstəyi ilə iqtisadi uğur qazana bilib. Bu gün Azərbaycan real olaraq büdcəsində dövlət strategi-yamızın icrasına başlamalıdır. Dövlət strategiyası da “qara” qızılı “insan” qızılına çevirməkdən ibarətdir.
Deməli, bu gün hökumətin qarşısında duran ən əsas vəzifə insan amilini gücləndirməkdən ibarətdir. Söhbət, təbii ki, təhsil sistemindəki islahatlardan gedir. Etiraf eləməliyik ki, bu gün Azərbaycanda universitet məzunlarının bir çoxu pullu kurslara gedir ki, peşəsini öyrənsin. Azərbaycanda məktəb məzunlarının 70 faizi ali təhsil ala bilmir, peşə təhsili ilə də təmin olunmur. Bəs bu gənclər ailələrini saxlamaq üçün hansı peşəni harada öyrənməlidirlər? Mənə elə gəlir ki, Azərbaycan Təhsil Nazirliyinin qarşısında çox ciddi işlər durur. Çox sağ olsun cənab Prezidenti ki, təhsilin strategiyası ilə bağlı müvafiq sənəd imzaladı. Lakin çox ciddi islahatların aparılması qarşımızda əsas vəzifə kimi durur. Əks halda büdcədən müəyyənləşdirdiyimiz vəsaitin səmərəsi olmayacaq. Biz bunu nəzərə almalıyıq.
İkinci çox önəmli sahə bu gün də müzakirə mövzusu oldu. Çox təəssüf ki, Azərbaycanın səhiyyə sisteminə dövlət tərəfindən ayrılan vəsaitin səmərəsini görmürük. 100 minlərcə dollar vəsaitə gözəl klinikalar açılır, diaqnostik mərkəzlər yaradılır, onlar ən müasir avadanlıqla təmin olunur. Lakin kifayət qədər peşəkar mütəxəssislər olmadığına və həkimlər öz fəaliyyətlərində müvafiq protokollara arxalanmadıqlarına görə, Azərbaycan vətəndaşları öz sağlamlığını İranda və digər ölkələrdə axtarır. Hamınız bilirsiniz, İran səfirliyi vizaları yenidən tətbiq eləyəndən sonra minlərcə vətəndaşımız gecə İran səfirliyinin qarşısında durmuşdu. Deməli, bu sahədə köklü dəyişikliklər olmalıdır.
Hər il biz büdcədən Tibbi Sığorta Fonduna təqribən 100 minlərlə dollar veririk. Lakin bu tibbi sığorta sistemi bir mifoloji sistemə çevrilib və indiyə qədər işləmir. Səhiyyə sis-temində və peşəkar həkimləri, tibb bacılarını hazırlayan təhsil sistemində ciddi islahatlar olmasa, biz yenə də Azərbaycan vətəndaşlarını müalicə üçün xaricə göndərməyə məcbur olacağıq. Təəssüflə qeyd eləyirəm ki, dövlət tərəfindən səhiyyə sisteminə vəsait ayrılır, amma səmərəsi görünmür.
Bəli, deyirik ki, sosial yönümlü büdcəmiz var. Lakin bu sosial yönümlü büdcə investisiya yönümlü bir büdcə olmuşdur. Uzun illərdir, Azərbaycan bir neçə sahəyə investisiya yatırmışdır. Söhbət infrastrukturlardan gedirsə, artıq bu infrastruktur, yollarla bağlı layihələr təmirlərə məruz qalıb. Bunu mən kənara qoyuram. Amma bir neçə sahə var ki, onlara qoyulan investisiyaların səmərəliyini görmürük. Bu investisiyalar bu gün dövlət büdcəsinə kifayət qədər gəlir gətirə bilmir. Bunun da əsas səbəbi odur ki, hər bir sahədə xaricdən peşəkar menecer dəvət edə bilməmişiksə, deməli, yeni yaranmış şirkətlər və yaxud da investisiya qoyulan bölgələrdə iş qurula bilmir və bu müəssisələr Azərbaycan iqtisadiyyatını yetərincə təmin eləyə bilmir. Maliyyə Nazirliyi, yaxud da Nazirlər Kabineti investisiyaların bugünkü vəziyyətinə, onların biznes planına uyğun olub-olmamasına nəzarəti gücləndirməlidir ki, Azərbaycan iqtisadiyyatı şaxələnə bilsin və qeyri-neft sektorunun imkanları daha geniş olsun.
İnsan amilini qeyd edəndə biz ilk növbədə mədəniyyətdən danışmalıyıq. Azərbaycan xalqının ən böyük neməti Azərbaycanın mədəniyyətidir. Mən dövlət büdcəsindən mədəniyyətə ayrılmış vəsaiti çox az hesab edirəm. Bu gün çalışmalıyıq ki, mədəniyyət sahəsinə bizim investisiyalarımız qoyulsun, çünki bu bilavasitə insanın inkişafına yönəlmiş investisiyalardır. Burada da təhsil və elm sahələrində islahatlar yanaşı getməlidir.
Bilirsiniz ki, Azərbaycanda gözəl muzeylər açılır, mövcud olanlar təmir olunur. Lakin biz elə eləməliyik ki, bu muzeylər elm və tədris mərkəzlərinə çevrilsin. Orada çalışan əməkdaşlar yüksək elmi səviyyəyə malik olsunlar. Sovet İttifaqından miras qalmış akademik institutları saxlayırıq. Mənə elə gəlir ki, bu akademik institutların bir çoxu müvafiq muzeylərlə birləşdirilməli, digərləri isə mütləq Azərbaycanın ali məktəblərinə verilməlidir. Biz elm sahəsində islahatları həyata keçirmək istəyiriksə, deməli, elmlə təhsilin vəhdətini yaratmalıyıq. Bu təxirəsalınmaz addımlar atılmalıdır və dövlətimizin və xalqımızın qarşısında duran məqsədlərə çatmaq üçün bu işləri sürətlə həyata keçirməliyik.
Burada hörmətli elm adamlarımız çıxış etdilər və dedilər ki, Nobel laureatları bizə valeh qalıblar. Bir neçə indeks var, hər biri elmi mərkəzin məhsulunun dünya səviyyəsinə uyğun olub-olmamasını göstərir. Mən çox istərdim, bizim Milli Elmlər Akademiyası nümayiş etdirsin ki, hansı sahədə belə bir yüksək səviyyəli nailiyyətlərimiz var. Çox təəssüf ki, bu elə deyil. Amma biz sovet dövründəki kimi elə zənn edirik ki, guya alimlərə vəsait veririk və onlardan nəticə alırıq. Amma ortada bir şey yoxdur, bir-birimizi aldadırıq və bu istiqamətlərdə dövlətin büdcəsindən səmərəsiz istifadə olunur.
Mənə elə gəlir ki, islahatların vaxtı gəlib. Bu gün Azərbaycanın əsas universitetlərinin rəhbərləri parlamentdə əyləşiblər, akademiklərin sayı da çoxdur. Təəssüf ki, elm, ali təhsil, orta təhsil, peşə təhsili haqqında qanunları biz bir neçə ildir plana salsaq da, salmasaq da, müzakirəsini başlaya bilmirik. Mənə elə gəlir, Prezidentin imzaladığı strategiyaya uyğun olaraq yaxın müddətdə bu istiqamətdə işlər başlanmalıdır və parlament də xalqa öz borcunu verməlidir.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, Siz də həkimsiniz, parlamentdəsiniz və səhiyyə sahəsinə də gücünüzü qoymağınız lazımdır.
Uzun illərdir, Azərbaycanda səhiyyəyə xeyli vəsait ayrılır və bu sahə inkişaf etməyə başlayıb. Artıq Azərbaycanda böyrək, ciyər, ürək köçürmələri edirlər. Bunların heç biri gözə görünmür. Qoyulan investisiyalar, ayrılan pullar bunlardır. Hər şey yavaş-yavaş yaradılır. Biz birdən-birə Amerikadakı kimi səhiyyə sistemi yarada bilmərik. Alimlərə, rektorlara deyirsən, həkimsən, özün də əl qoy bura.
İkinci, mən inanmıram ki, İqtisadi siyasət komitəsinin sədri desin ki, 5 ildən sonra büdcəmiz 100 milyard manat olacaq. Yəqin, o deyib ki, 5 ilə ümumi daxili məhsulumuz 100 milyard manat ola bilər. 5 il qabaq desəydilər ki, Azərbaycanın ümumi daxili məhsulu 70 milyard olacaq, heç kim inanmazdı, amma indi inandıq. 5 il sonra 100 milyard manatdan da yuxarı ola bilər. Mən bu rəqəmləri ona görə dedim ki, birdən jurnalistlər səhv başa düşə bilərlər. Sonra deyərlər ki, Azərbaycanın dövlət büdcəs 5 ildən sonra 100 milyard manat olacaq. Buyursun Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcələrinin layihələri Milli Məclisin komitələrində geniş və ətraflı müzakirə edildi, yaxşı təhlillər, səmərəli təkliflər verildi. Maliyyə naziri cənab Samir Şərifov qaldırılan məsələlərə çox dəqiq izahatlar verdi, müəyyən məsələlərə aydınlıq gətirdi. Digər sahə nazirliklərinə aid olan məsələlərlə bağlı da işgüzar söhbətlər aparıldı.
Büdcə layihəsi çox mükəmməl hazırlanıb, real faktlara söykənilir, real proqnozlara əsaslanılır. Çox yaxşı haldır ki, artıq qarşıdakı bir neçə ili də əhatə edir. “Azərbaycan–2020: gələcəyə baxış” inkişaf konsepsiyasına tam uyğun bir büdcə layihəsi ortalığa qoyulubdur. Büdcə ilə bağlı çoxlu təkliflər ola, çoxlu fikirlər deyilə bilər. Bunların hamısı fikirlərdir, gələcək üçün nəzərə alına, təhlil oluna bilər. Amma bugünkü büdcə real iqtisadi inkişafımıza və real iqtisadi inkişafın daha da gücləndirilməsinə söykənir. Burada ən başlıca istiqamətlərdən biri investisiyaların qoyuluşudur. Bu investisiyaların Azərbaycanın iqtisadiyyatı, əhalinin sosial rifahının daha da gücləndirilməsi üçün verdiyi səmərəli nəticələr göz qabağındadır.
Burada səsləndirilən və ümumiyyətlə, mətbuatda gedən bəzi fikirlərlə razılaşa bilmərəm. Səhiyyə haqqında deyilən fikirlər belə bir təəssürat yaradır ki, ümumiyyətlə, Azərbaycanda ixtisaslı, savadlı həkimlər yoxdur. Bu belə deyil, Azərbaycanda çox gözəl mütəxəssislər var. Bizim gözəl həkimlərimiz, müəllimlərimiz, iqtisadçılarımız, mühəndislərimiz var.
Amma məsələ tamamilə başqa bir cəhətə diqqəti yönəltməyi tələb edir. Bu sahəyə böyük investisiyalar qoyulub və böyük uğurlar da əldə olunubdur. Amma gəlin, görək, biz kompleks şəkildə bu məsələlərin həllinə tam nail olmaq üçün hansı məsələlərə diqqət ayırmalıyıq. Mənə elə gəlir ki, ölkənin və dövlət başçısının qarşıya qoyduğu əsas məsələ insan kapitalının formalaşdırılması siyasətidir.
Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, biz bütün imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik. Bəs insan kapitalının formalaşdırılması üçün hansı işlər görülür və bunu təyin edən əsas komponentlər, elementlər hansılardır? Təbii ki, bu, elmdir, səhiyyədir, təhsildir və innovasiyalardır. Bütün bu sahələrin cəmi bütövlükdə insan kapitalının formalaşmasının əsasını təşkil edir. Təsadüfi deyil ki, istənilən inkişaf etmiş ölkənin nailiyyəti, uğuru ilk növbədə onun yaratdığı insan kapitalı ilə ölçülür. Çünki insan kapitalına qoyulan sərmayə, investisiya gələcəkdə 6–8 dəfə gəlir vermək imkanına, potensialına malikdir.
Təsadüfi deyil ki, bu gün insan kapitalının formalaşdırılması iqtisadiyyatın öndə gedən hissəsini, əsas kütləsini təşkil edir. Onun bir hissəsi olan intellektual kapital isə onun bir tərəfidir. Bu, ayrıca bir mövzudur. Bununla bağlı istərdim ki, biz baxaq, büdcənin gələcək planlaşdırılmasında, tərtibatında insan kapitalının formalaşdırılması üçün investisiya qoyuluşu hansı səviyyədədir və ümumi daxili məhsulun həcminə nisbətdə nə vəziyyətdədir? Əgər biz insan kapitalının formalaşdırılması parametrlərinin məcmusunu və ayrı-ayrılıqda onlara ayrılan vəsaitləri götürsək, əlbəttə, bu, kiçik bir rəqəmdir. Amma son 5 ilin, yaxud da son 7–8 ilin büdcə proqnozlarını, büdcədə artımları nəzərdən keçirsək, görərik, bu investisiyalar 5–6 dəfə artırılıbdır. Yəni biz bu günlərdə maksimal olan imkanlara gəlib çata bilmişik. Ancaq bu, kafi əsas deyil.
Artıq Azərbaycanda oturuşmuş bir iqtisadi struktur var. Keçid tam başa çatıb və biz tamamilə başqa bir mərhələ üzərində fikirləşməliyik. Bu da insan kapitalının formalaşdırılmasıdır. Mən istərdim ki, gələcəkdə bu istiqamətdə müzakirələr aparılsın və biz büdcənin formalaşdırılması zamanı əsas investisiyanı məhz bütövlükdə insan kapitalının formalaşdırılmasına yönəldək.
Bir məsələni mən yenidən vurğulamaq istəyirəm. Əgər biz istəyiriksə, səhiyyədə, təhsildə əldə etdiyimiz uğurları daha da möhkəmləndirək, onda səhiyyə və təhsil işçilərinin sosial müdafiəsini gücləndirməliyik. Biz, nəhayət, qarşıya qoyulmuş bu vəzifəni həll etməliyik. İstər həkimlərin, istərsə də müəllimlərin sosial müdafiəsi bu gün zamanın ən aktual tələbidir. Hansı islahatlar aparılmalıdır? Burada yalnız ixtisarlardan söhbət gedə bilməz. Köklü, düşünülmüş plan əsasında bu məsələ həllini tapmalıdır. Əgər bu məsələ öz həllini taparsa, istər səhiyyədə, istərsə də təhsildə bu gün rastlaşdığımız ağrılı problemlər qısa bir müddətdə aradan qalxacaqdır. Çünki artıq bu sahələrin maddi-texniki bazası gücləndirilib, bu sahədə aparılan və hazırda davam etdirilən islahatlar öz müsbət nəticələrini verib.
Bütövlükdə mən büdcə layihəsini müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu büdcə gələcəkdə işimizi daha səmərəli qurmağa və əhalinin sosial rifahını yüksəltməyə imkan verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən gözlədim ki, Mərkəzi Banka dair suallar olacaq. Görürəm ki, suallar yoxdur. Bir çıxışdan sonra etiraz etmirsinizsə, Elman müəllimə söz verək, bəzi məlumatları bizə çatdırsın. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda sözü verək Azay Quliyevə, sonra Elman müəllim, Siz çıxış edəcəksiniz. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri, mətbuat təmsilçiləri! Əlbəttə, bu gün biz çox mühüm bir sənədi müzakirə edirik. Əgər məndən soruşsalar ki, büdcənin əsas müsbət xüsusiyyətləri nədir, birmənalı şəkildə cavab verərdim ki, 2 mühüm cəhət bu gün burada qeyd olunmalıdır. Birincisi ondan ibarətdir ki, nəhayət, uzun müddət aparılan işin nəticəsində büdcədə və ümumiyyətlə, ümumi daxili məhsulun formalaşmasında qeyri-neft sektorunun payı artır. Bu da, şübhəsiz ki, əsas strateji hədəfimizdir. Mən bunu çox müsbət qiymətləndirirəm.
İkinci mühüm hədəflərdən biri budur ki, paytaxtla regionlar arasında disbalans yavaş-yavaş aradan qalxır. Başqa cür desək, regionlara ayrılan subsidiyaların, dotasiyaların həcmi azalır. Çox sevindirici haldır ki, artıq bu gün biz 6 bölgənin bu sahəyə qoşulduğunun şahidi oluruq. Mən hesab edirəm ki, bu həm də regionların gələcəkdə inkişafı üçün mühüm bir təməl olacaqdır.
O ki qaldı təkliflərə, əlbəttə, burada hörmətli deputatlar çoxlu sayda təkliflərlə çıxış etdilər. Onları mən təkrarlamaq istəmirəm. Amma nisbətən az toxunulan və ya toxunulma-yan bir neçə məsələyə diqqəti cəlb etmək istərdim.
Birinci məsələ ünvanlı sosial müavinətlərlə bağlıdır. Bilirsiniz ki, bu çox mühüm, həssas bir məsələdir və əhalinin aztəminatlı kateqoriyası daim ünvanlı sosial yardıma müraciət edir. Bu məqsədlə ildə təxminən 200 milyon manatdan çox vəsait xərclənir. Amma gəlin, etiraf edək ki, biz artıq bunun səmərəliyini də düşünməliyik və bilməliyik ki, bu cür yardımlar davamlı şəkildə verilirsə, bunun bütövlükdə dayanıqlığı necə təmin oluna bilər? Bilirsiniz ki, bu gün bir çox insan məhz ona görə bu yardımı alır ki, onların məşğulluğu yoxdur. Onlar müəyyən işlə məşğul ola və özlərinin dolanışığını təmin edə bilmirlər. Ona görə də mən hesab edirəm, artıq vaxtı çatıbdır ki, biz bu vəsaiti daha rasional xərcləyək və bu kateqoriyadan olan əhali qrupuna müəyyən alternativlər təqdim edək. Onlar ya bu vəsaiti, sosial yardımı alsınlar və yaxud da o vəsaitdən bir az artıq həcmdə yardım alaraq özlərinin təsərrüfat fəaliyyətini qura, kiçik sahibkarlıqla məşğul ola bilsinlər. Bundan ötrü yaxşı olar ki, bir fond yaradılsın, yaxud da verilən vəsait bu fondda cəmləşdirilsin. Əgər ümumi hesablama aparılsa, görərik ki, son illər bu məqsədlə təxminən 1 milyard manata yaxın vəsait xərclənibdir.
İkinci məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən xidmətlərlə bağlıdır. Bilirsiniz ki, bu barədə artıq yeni təşəbbüslər var. Yaxşı olardı ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bu cür sosial xidmətlər dövlət qurumları tərəfindən deyil, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilsin. Bu həm həmin xidmətin səmərəliyini yaxşılaşdırar, həm də bir çox dövlət vəsaitinin qənaət olunmasına şərait yaradar. Mən düşünürəm ki, ixtisaslaşmış qeyri-hökumət təşkilatları şəffaf tender vasitəsi ilə bu prosesə cəlb oluna və bu xidmətlər yüksək səviyyədə təşkil oluna bilər.
Üçüncü toxunmaq istədiyim məsələ mənzil və kommunal təsərrüfatı ilə bağlıdır. Əlbəttə, burada böyük bir rəqəm var, növbəti il üçün bu məsələlərə 457 milyon manat nəzərdə tutulub. Əlbəttə, burada müxtəlif istiqamətlər var ki, onların detallarına varmaq istəməzdim. Amma hamımızı narahat edən budur ki, bu xidmətlər lazımi səviyyədə deyil və bu vəsait, məncə, bir çox hallarda özünü doğrultmur. Xüsusilə bu gün çox adi, primitiv məsələlər ortaya çıxır. Liftlə bağlı olan problemlər, məişət tullantılarının daşınması, istilik təchizatı məsələləri bu qəbildəndir. Görünür ki, həmin xidmət qurumları bu işin öhdəsindən gələ bilmir. Yaxşı olardı ki, bu xidmət orqanları, ümumiyyətlə, fəaliyyətini dayandırsın, ləğv olunsun və onların səlahiyyətləri bələdiyyələrə verilsin. Bununla biz həm bələdiyyələrin işini dəstəkləyə, həm həmin vəsaiti daha səmərəli şəkildə xərcləyə, həm də xidmətin səviyyəsini artıra bilərik. Mən hesab edirəm ki, bu istiqamətdə islahatlara getmək lazımdır.
Növbəti məsələ beynəlxalq təşkilatlarda üzvlük haqqı ilə bağlıdır. Bizə verilən məlumata görə, təxminən 13 təşkilata ildə 20 milyon manat üzvlük haqqı ödəyirik. Amma maraqlı burasındadır ki, elə təşkilatlar var ki, onlara daha çox üzvlük haqqı ödənilir, elə təşkilatlar da var ki, daha az ödənilir. Hörmətli Bahar xanım da mənimlə razılaşar və yəqin, onun da bu barədə fikri olacaq. Məsələn, ATƏT-in Parlament Assambleyasına biz ildə 1470 avro pul ödəyirik. Təsəvvür edin ki, bu nə qədər kiçik bir rəqəmdir. Bununla bağlı bizim son sessiyada müzakirəmiz oldu. Hesab edirəm ki, hörmətli Samir Şərifov bu məsələyə baxa bilər və biz bu məbləğin artırılmasına gedə bilərik.
Beynəlxalq təşkilatlardan söz düşmüşkən bir məsələni də qeyd etmək istəyirəm. Bəlkə də bizim bir çox həmkarımız bu barədə dəqiq məlumata malik deyil. Bizim bir çox beynəlxalq qurumlarla birgə sosial layihələr həyata keçiririk. Məsələn, belə layihələrdən biri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda həyata keçirdiyi sosial-iqtisadi inkişafın dəstəklənməsidir. Burada iqtisadi inkişaf naziri tərəf kimi çıxış edir. Təsəvvür edin ki, bu layihənin ümumi məbləği 14,4 milyon ABŞ dollarıdır və onun da düz 50 faizini – 7,2 milyon dollarını Azərbaycan dövləti ödəyir. Amma təəssüflər olsun ki, bu gün həmin maliyyənin idarə olunmasında Azərbaycan dövlətinin iştirakı çox zəifdir. Büdcədən maliyyələşən bu cür layihələrə, hesab edirəm ki, ciddi şəkildə nəzarət olunmalıdır. Məncə, gələcəkdə bu cür layihələri maliyyələşdirən zaman məhz bu amil nəzərə alınmalıdır.
Növbəti toxunmaq istədiyim məsələ işğal altında olan rayonlarla bağlıdır. Bilirsiniz ki, hər il işğal günü ilə bağlı müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlər daxildə keçirilir və bir çox hallarda həmin tədbirlərin effekti də kifayət qədər olmur. Mən təklif edərdim ki, hər bir işğal altında olan rayonun büdcəsinə məhz rayona ayrılan vəsait çərçivəsində ayrıca xətlə müəyyən məbləğ ayrılsın və bu məbləğ də həmin rayonun işğal faktını dünya ictimaiyyətinə çatdırılması ilə bağlı xaricdə keçiriləcək tədbirlərə sərf olunsun. Nədən biz ATƏT-in Vyana ofisinin, yaxud da Brüsseldə beynəlxalq qurumların qarşısında həmin günlərdə müəyyən tədbirlər keçirməyək və bu, bilavasitə həmin rayon tərəfindən maliyyələşdirilməsin? Bu həmin rayonun sakinlərinin öz haqlarıdır.
Sonuncu təklifim Şirvan rayonu – seçildiyim bölgə ilə bağlıdır. Mən burada bir məsələni hökumətdən xahiş etmək istəyirəm. Şirvanda təxminən 478 nəfər çox ciddi şəkildə mənzil çatışmazlığından əziyyət çəkir. Mən başa düşürəm ki, mənzillə bağlı ciddi problemlər var, dövlət hər bir vətəndaşa mənzil inşa edib verməli deyil. Eyni zamanda, o da bir həqiqətdir ki, cənab Prezidentin bilavasitə təşəbbüsü ilə bu gün həm şəhid ailələrinə, həm Qarabağ müharibəsi veteranlarına, həm də digər kateqoriyalı insanlara mənzillərinin yaxşılaşdırılması üçün şərait yaradılır. Amma təsəvvür edin, Şirvanda elə ailələr var ki, onlar barak tipli, yarı uçuq evlərdə yaşayırlar. Onlarla hər dəfə görüşəndə bu məsələnin həllini tələb edirlər. Təəssüflər olsun, nə şəhər icra hakimiyyətində, nə də digər mənbələrdə imkan yoxdur ki, bu problem həll olunsun. Hətta 1981-ci ildən ev növbəsinə dayanan insanlar var.
Mən çox istərdim ki, hörmətli Samir müəllim bu təklifi ən azı araşdırsın və heç olmasa, birinci qrup əlillər və yaxud da müharibə veteranları üçün 100 mənzillik bir binanın inşası məsələsini nəzərdən keçirsin. Hesab edirəm ki, bu, o təbəqədən olan insanların problemlərini köklü şəkildə həll edə və dövlətimizin növbəti humanist addımı kimi dəyərləndirilə bilər. Bütövlükdə büdcə zərfi kifayət qədər əsaslandırılmışdır və hesab edirəm, növbəti 2014-cü ildə iqtisadi inkişafımızı təmin etmək üçün ciddi əsaslara malikdir. Mən hökuməti bu münasibətlə təbrik edirəm, işlərində uğurlar arzulayıram və büdcə layihəsinə də səs verəcəyimi bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova söz verilir.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız cari ildə də dinamika, sabitlik və dayanıqlıq nümayiş etdirir. Əminliklə demək olar ki, 2013-cü il də müvəffəqiyyətli illərdən biri olacaq və 2003–2013-cü illəri əhatə edən bütöv və parlaq quruculuq, inkişaf dövrünü uğurla tamamlayacaqdır.
Son 10 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı altında əldə olunan nailiyyətlərlə hər bir ölkə vətəndaşı fəxr edir və qürur duyur. Məhz buna görə Azərbaycan xalqının mütləq çoxluğu yekdilliklə onu işıqlı gələcəyə, daha parlaq qələbələrə aparan möhtərəm Prezidentimiz İlham Əliyevə səs verdi, onu yeni beşillik dövrdə ölkə Prezidenti seçdi.
Azərbaycanda bu gün gedən makroiqtisadi proseslərə, gələcəyə baxışa qiymət vermək baxımından mən son ildə əldə etdiyimiz bir sıra nailiyyətləri qısa olaraq qeyd etmək istəyirəm. Son 10 ildə milli iqtisadiyyatımız, bildiyiniz kimi, 3,7 dəfə artaraq 70 milyard Amerika Birləşmiş Ştatları dollarına çatmışdır. Bu, olduqca böyük bir nailiyyətdir və hər bir professional iqtisadçıda formalaşmış masştablara sığışmayan bir rəqəmdir. İndiyə qədər bütün millətimizin, bir sıra nəsillərin yaratdığı potensial çox qısa bir dövrdə 3 dəfədən çox artıb. Opponentlərimizin dediyi kimi, bu, təkcə neftin hesabına baş verməyib, qeyri-neft sektorumuz da bu dövrdə 3 dəfədən çox artıb. Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib.
Nəticədə əgər 2003-cü ildə adambaşına düşən ÜDM 3150 ABŞ dolları idisə, 2013-cü ilin nəticələrinə görə bunun artıq 11 min dollara çatması gözlənilir. Bu göstərici ilə ölkə son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr sırasına daxil olmuşdur. Azərbaycan iqtisadiyyatı 2003-cü ildə dünyanın 107-ci, indi isə artıq 67-ci iqtisadiyyatıdır. Son 10 ildə 40 pillə irəliləmişik. Demək olar ki, bu dövrdə ölkənin beynəlxalq miqyasda çəkisi, reytinqi həddindən çox yüksəlmişdir. Nəzərdən qaçırmamaq lazımdır ki, bu dövrün ən azı yarısı dünya iqtisadi böhranı ilə müşayiət olunmuş və bu nəticələr dünyada baş vermiş iqtisadi böhranla bir yerdə əldə olunmuşdur.
Bu dövrdə ölkənin tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir. Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada birinci onbeşlikdədir.
Azərbaycan Respublikası Prezidentinin siyasətində sosial rifah, konkret Azərbaycan vətəndaşı həmişə mərkəzi yer tutub. Son on ildə 1,1 milyon yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 5,1 faizə endirilmişdir. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enmiş, 3 milyon insan yoxsulluq səviyyəsindən azad olub. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən Azərbaycan dünyada ilk 25-ci sırada qərarlaşıb. Yəni davamlı inkişafdan bütün Azərbaycan vətəndaşları yararlanırlar.
Azərbaycan makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət sırasında ilk səkkizlikdədir və ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ölkə qlobal rəqabətlilik indeksinə görə son 7 ildə 30 pillə irəliləyərək dünyada ilk 40 ölkə sırasındadır, MDB məkanında isə liderdir. Ölkə qlobal böhran zamanı investisiya reytinqi almışdır və artıq biz, demək olar ki, A reytinqinin iki addımlığındayıq.
Bildiyiniz kimi, makroiqtisadi sabitliyin qorunması Mərkəzi Bankın qanunla müəyyən olunmuş əsas mandatıdır. Mərkəzi Bankın başlıca məqsədi qiymətlərin sabitliyinin təmin olunmasıdır. Cari ilin 10 ayında ölkədə orta illik inflyasiya cəmi 2,3 faiz olmuşdur və ilin sonuna kimi bunun 3,2 faiz olacağı gözlənilir. Bu, əmək haqqının təxminən 6,8 faiz, pul gəlirinin 7,5 faiz artım tempindən xeyli dərəcədə aşağıdır. Qeyri-neft sektorunda 10 faizdən çox artım, yüksək istehlak və investisiya aktivliyi şəraitində inflyasiyanın bu səviyyəsi milli iqtisadiyyatımız üçün olduqca məqbuldur.
Cari ilin 9 ayında Mərkəzi Bank pul kütləsini tənzimləyərək onun təxminən 7,3 faiz artımına nail olmuşdur. Biz düşünürük ki, ilin sonuna kimi pul kütləsinin artımı cəmi 10 faiz olacaq və bu da antiinflyasiya siyasətində olduqca mühüm rol oynayacaq. Bildiyiniz kimi, manatın məzənnəsi sabitdir. Tədiyyə balansının əhəmiyyətli profisitliyi, ümumi daxili məhsulun 16 faizi, yüksək büdcə, fiskal aktivlik şəraitində manatın daha da yüksək templə bahalaşmasının qarşısı alındı. Bunun üçün Mərkəzi Bank cari ildə valyuta bazarından 2 milyard ABŞ dolları qədər xarici valyuta almışdır. Öz sabitliyini qoruyan manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. Sərhədyanı ticarətdə aktiv istifadə edilən milli valyutamıza – manata artıq bir sıra xarici banklar ehtiyat valyutası kimi öz maraqlarını göstərirlər.
Bank sektoru dinamik şəkildə artır. Son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollardan 24 milyarda çatıb. Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə, əmanətlər 17 dəfə artaraq 6 milyard manatı ötüb. Ölkədə 3 milyondan çox əmanətçi var. Bu rəqəmlər olduqca əhəmiyyətlidir. Cari ildə sovet dövründən qalan əmanətlərin qayta-rılması prosesi davam etdirilib, 2013-cü ilin oktyabr ayının əvvəlinə 1,6 milyondan çox əmanət hesabı üzrə 600 milyon manata yaxın vəsait ödənilib. Cari ilə də bank aktivlərinin artımı davam edir. Biz ilin sonuna əmanət və kreditlərin təxminən 20–22 faiz artımını gözləyirik ki, bu da mövcud iqtisadi artımdan təxminən 4-5 dəfə çoxdur. Banklarla yanaşı, 45-ə yaxın qeyri-bank kredit təşkilatlarının kredit portfeli 22 faizdən çox artmışdır. Regionlara yönəlmiş kreditlərin həcmi daha sürətlə artır. Bu təxminən 30 faizdən yuxarıdır.
2014-cü ilin vəzifələrinə cənab Prezidentin andiçmə mərasimində irəli sürdüyü yeni iqtisadi strategiya çərçivəsində baxmaq lazımdır. Cənab Prezident öz çıxışında milli iqtisa-diyyatın şaxələnməsi, dərinləşməsi, yoxsulluğun daha da azaldılması, ümumiyyətlə, Azərbaycanda yoxsulluq probleminin tam həll olunması, sosial rifahın yüksəldilməsi və Azərbaycan əhalisi, onun hər bir vətəndaşı üçün ən yüksək həyat standartlarının müəyyən olunması vəzifəsini irəli sürmüşdür. Bu vəzifələrin reallaşdırılması 2014-cü ildə və bütövlükdə orta müddətli dövrdə qlobal iqtisadiyyatda çox mühüm və çox əhəmiyyətli hadisələr fonunda baş tutacaq. Bildiyiniz kimi, dünya iqtisadiyyatında qlobal böhran hələ də davam edir, dünya iqtisadiyyatında artımın, stabilliyin bərpası zəif gedir və hər an bu böhranın təkrar olunması təhlükəsi var. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaş-ma prosesi olduqca ağır gedir. Başlıca iqtisadi problemlər – ərzaq, içməli su çatışmazlığı, demoqrafik məsələlər, bütövlükdə birbaşa investisiyaların yenidən bölüşdürülməsi kəs-kinləşir. Belə bir fonda cənab Prezident olduqca cəsarətli və yeni bir iqtisadi strategiya irəli sürdü.
Bir neçə kəlmə də 2014-cü ilin büdcəsinin fəlsəfəsi haqqında demək istəyirəm. Burada ən böyük məqsəd, millət vəkilləri də bunu qeyd elədilər, Dövlət Neft Fondundan transfertlərin azaldılmasıdır. Bu sadə məsələ deyil. Ötən 10 ildə bizim büdcəmiz 19 dəfə artmışdır. Qeyd elədim ki, milli iqtisadiyyatımız da 3,4 dəfə artıb. Büdcəmiz bu dövrdə milli iqtisadiyyatımızın artımını təxminən 6 dəfə üstələmişdir. Bunun fəlsəfəsi ondan ibarətdir ki, ölkəmiz özünün infrastruktur, böyük investisiya problemlərini həll etmişdir.
Yeni onillikdə iqtisadi inkişaf dinamikası başqa amillərə arxalanacaq. Bütövlükdə bu addım – təxminən 17–18 faiz səviyyəsində azalma Dövlət Neft Fondunun yığım funksiya-sının daim saxlanılmasıdır. Bildiyiniz kimi, indiyə qədər ölkəyə daxil olan neft gəlirlərinin təxminən yarısını inkişaf və sosial məqsədlərə istifadə eləmişik, tam yarısı isə yığılıb saxlanmışdır. Bütövlükdə Dövlət Neft Fondunun əsas fəlsəfəsi bu vəsaitlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsü prinsipini saxlamaqdır. Bundan sonra da bu prinsipin qorunub saxlanması vəzifəsi qarşıya məqsəd qoyulub.
Dövlət investisiyalarının əvəzinə inkişaf üçün özəl investisiyaların, özəl sektorun canlandırılması vəzifəsi irəli sürülür. Özünüidarəetmə büdcəsinin 8 faizə qədər artması ondan xəbər verir ki, artıq digər problemlərin həllinə vəsait daha çox artırılacaq. Burada insan kapitalı, təhsil məsələləri barədə danışıldı. Bu strategiya da qarşıya qoyulub. Bu gün mən təhsil naziri ilə danışdım, bu strategiya əsasında yeni Milli fəaliyyət proqramı hazırlanır. O proqramın nəticəsində ortaya yeni layihələr çıxacaq və onların maliyyələşdirilməsinə əlavə vəsait tələb olunacaqdır. Yəni bu yeni bir tendensiyadır, yeni bir büdcədir, yeni iqtisadi doktrinanın başlanğıcını qoyur və bu baxımdan onun fəlsəfəsi olduqca doğrudur. Mən hətta deyərdim, onun kəsir fəlsəfəsi belə doğrudur. Biz daha çox neft pullarından istifadə etmək əvəzinə, kəsirin maliyyələşdirilməsini qeyri-inflyasiya mənbələrindən, özəlləşdirmədən, daxili borc bazarının genişləndirilməsindən həyata keçirməliyik. Bildiyiniz kimi, bizim olduqca konservativ borc siyasətimiz var. Həm milli iqtisadiyyatın stimullaşdırılması, həm dayanıqlıq, həm də yeni baxış çərçivəsində bu daha önəmlidir.
Mərkəzi Bankın qarşısında duran əsas vəzifə, təbii ki, 2014-cü ildə də makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Biz yenə inflyasiyanı aşağı həddə saxlamağı hədəf götürmüşük. Hesab edirəm ki, bu vəzifə olduqca realdır və ona çatmaq üçün bütün imkanlarımız var. Manatın sabitliyi qorunub saxlanacaq. Manat artıq stabillik statusunu qazanıb. Mərkəzi Bankın bütün imkanları var ki, cari ildə də həm manatın sabitliyini qoruyub saxlasın, həm də milli iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması üçün əlindən gələni etsin.
Bizim funksiyamıza daxil olan, dünən və bu gün burada səslənən bir sıra məsələlərə aydınlıq gətirmək istərdim. Çox mühüm məsələlərdən biri də ipoteka siyasəti, ipoteka strategiyasıdır. Bu məsələ Azərbaycan hökumətinin də, Mərkəzi Bankın da diqqətindədir. Biz yeni ipoteka strategiyası hazırlamışıq. Hörmətli millət vəkili Əli Məsimli düzgün olaraq qeyd etdi ki, 50 milyon, 100 milyon bütövlükdə Azərbaycan iqtisadiyyatında ipoteka problemini həll eləmir. Azərbaycan vətəndaşlarının mənzillə təmin olunması bizə sovet sistemindən miras qalmış ödənilməmiş bir tələb mexanizmidir. Bildiyiniz kimi, ciddi resurslara və konsentrasiyaya malik olan sovet iqtisadiyyatının həll eləyə bilmədiyi çox az məsələlərdən biri də mənzil problemi idi. İpoteka ilə bu məsələnin çox qısa müddətə həll edəcəyik fikri doğru deyil. İnkişaf eləmiş dövlətlər illərlə ipoteka potensialını toplayırlar. Orada ipotekanın 100 ilə yaxın yaşı var. Nə etməli, bu resursları haradan tapmalı? Bu yükü dövlət büdcəsinin üzərinə yıxmaq düzgün deyil. Yəni bu bizim yeni doktrinaya aid deyil. Bu o deməkdir ki, biz neft pullarını cəlb etməliyik, insanlara mənzil verməliyik. Bu yeni iqtisadi siyasətə, bazar iqtisadiyyatına uyğun olmazdı.
Hörmətli millət vəkili Qüdrət Həsənquliyev deyir ki, 2 milyard (hər il bu sözü təkrar edir) manat gətirmək lazımdır. Bayaq dedim ki, 50 milyard yığmışıq, onun yarısını istifadə etmişik. 2 milyard heç bir problemi həll eləmir. 50 milyard var, 2 milyarddan istifadə eləmək olar, mümkündür, amma bu, məsələni həll eləmir.
Məsələnin həllini strateji olaraq bütövlükdə ipotekanın formalaşmasında – dövlət, xüsusi bölmə və hətta əhalinin tərəfdaşlığında görürük. Bu nə deməkdir? Bütövlükdə çox düzgün olaraq dövlətdən, yəni özümüzdən başlamaq lazımdır. Dövlətin rolu ondan ibarətdir ki, ipotekanın çox mühüm göstəricilərindən biri ucuz mənzil tikilməsidir. Ucuz mənzillər dövlət tərəfindən bir növ bazara intervensiya olunmalıdır. Bunun iki yolu var: mənzilləri ya dövlət tikə, ya da xüsusi bölməni stimullaşdıra bilər. Burada da, təbii ki, digər ölkələrin təcrübəsi var, hökumətlə birlikdə onu ciddi şəkildə öyrənirik. Bunun təşkilati, hüquqi və maliyyə mexanizmləri aydındır və o artıq strategiyalaşdırma mərhələsindədir.
Xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar ipoteka kreditlərini verməkdə maraqlı olsunlar. Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20–25 illik müddətə verilə bilsin. Bu pulların mənbələrini axtarırıq.
Digər tərəfdən, belə bir təkliflə çıxış eləmək istəyirik. Sosial ipoteka üçün verilən dövlət yardımı tələbatı ödəmir, amma bütövlükdə xüsusi bölmənin verdiyi faizlər subsidiyalaşdırılsa, xüsusi bölmə daha böyük həcmdə kreditlər verə bilər. Bu haqda da hörmətli maliyyə naziri ilə danışıqlar aparırıq.
Burada əhalinin rolu nə ola bilər? Millət vəkillərinin əksəriyyətinin xəbəri var, tikinti əmanət bankları modeli – müharibədən sonra dağılmış Almaniyada mənzil problemini həll edən model mövcuddur. Biz işlətdiyimiz Amerika modelidir. Paralel olaraq da alman modeli üzərində düşünürük. Bu, əhalinin öz yığımları hesabına ipoteka krediti almasıdır. Olduqca maraqlı modeldir və Avropanın ən böyük iqtisadiyyatının timsalında özünün reallığını və həyatiliyini sübut edib. Biz yaxın vaxtlarda bu strategiyanın müzakirəsinə başlayacağıq.
Çox mühüm məsələlərdən biri faiz dərəcələri məsələsidir. Hörmətli Vahid müəllim də bu məsələni kəskin şəkildə qaldırdı. Çox mühüm məsələdir. Faiz dərəcələrinə daha geniş baxmaq lazımdır, Vahid müəllim. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Əhalinin banklara təklif etdiyi faiz pulun dəyəridir. Əhali həmin faizə pulları banklara satır. Mənə elə gəlir ki, faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Bu son dövrdə bank bazarında istehlak kreditlərinin verilməsi ilə əlaqədardır. Düzdür, faizlər yüksəkdir, amma indiyə qədər bu narazılıq doğurmurdu.
Məlumat üçün bildirmək istəyirəm ki, bütövlükdə bankların 14 milyard manatlıq kredit portfelində istehlak kreditlərinin xüsusi çəkisi 35 faizdir. Bu kreditlər təxminən 15 faizdən 30 faizə qədər verilir. Bütövlükdə portfelin 65 faizini təşkil edən biznes kreditlərinin faiz dərəcəsi 14 faizdir. 2008-ci ildən, böhran başlayandan bəri 5 faiz aşağı düşübdür. Meyl aşağı düşməyə doğru gedir. Lakin yenə də yüksəkdir. Biz Mərkəzi Bankda çox mühüm bir tədqiqat apardıq. Yəqin ki, bunu vebsaytımızda yerləşdirəcəyik.
Çox maraqlı suallardan biri budur ki, nəyə görə 2,3 faiz inflyasiya olan bir ölkədə əmanətlər 10 faizdir. Əmanətlərin faizi yuxarıdır. Pulun dəyəri yuxarıdır. Detallara varmadan qeyd eləmək istəyirəm ki, bankların həddindən artıq gəlir götürməsi məsələsi də bir mifdir. Saytlarda var, görə bilərsiniz. Bankların rentabellilik səviyyəsi 15 faizdir. Banklar iqtisadi və biznes sahəsi olaraq 15 faiz rentabelli işləyirlər. Digər amillər də var. Lakin mən hesab edirəm ki, istehlak kreditləri sahəsində bankların verdikləri kreditlər tam əsaslı deyil.
Ümumiyyətlə, qanunda yazılıb ki, kreditlər müştəri ilə maliyyə institutu arasında qarşılıqlı razılaşma ilə verilir. Bilirsiniz ki, bu yaxınlarda qonşu dövlətlərdə müəyyən çağırışlar səsləndi. Mən də bu tribunadan bankları sosial məsuliyyətə dəvət eləmək istəyirəm. Bir daha bu məsələyə baxmaq lazımdır. Bu yaxınlarda bizim bank sektoru ilə geniş bir toplantımız olacaq, bu məsələlər müzakirə olunacaq. Hesab edirəm ki, sosial məsuliyyətə dəvət eləmək olar və bunu da edirik. Hətta xüsusi bir maliyyə istehlakçılarının müdafiəsi şöbəsi yaratmışıq. Çox vaxt banklarda müəyyən sxemlər vasitəsilə əhalidən həqiqi faizləri gizlətməyə çalışırlar. Bu gün banklardan tələb olunan odur ki, ilk növbədə tam şəkildə bütün xərcləri, faizləri göstərsinlər və hər bir vətəndaş bilsin ki, götürdüyü kredit üzrə faiz xərcləri necə olacaq. Biz bunu çox ciddi şəkildə izləyirik. Bizim “qaynar xəttimiz” var, bizə müraciətlər olunur və biz buna kəskin münasibət bildiririk.
Lakin yenə əsas məsələyə qayıtmaq istəyirəm. Bazar iqtisadiyyatının 2 formatı var. Professionallar bunu bilir. Tələb bazarı və təklif bazarı var. Tələb təklifdən çoxdur və tələb çoxdursa, təklif edən qiymətləri diktə edir. Digər bazar isə təklif bazarıdır. Qiymətləri tələbi irəli sürənlər müəyyənləşdirir. Çox maraqlı bir rəqəm deyəcəyəm. 10 ildə Mərkəzi Bank tərəfindən pul kütləsi təxminən 30 dəfə artıbdır. Milli iqtisadiyyat 3,4, bank sektoru 10 dəfə artıb. Amma pul kütləmiz təxminən 30 dəfəyə qədər artıb. Lakin buna baxmayaraq, bu gün milli iqtisadiyyatımızda pula olan tələbat olduqca böyükdür.
Burada başqa bir məsələ də var. Cənab Prezident də dəfələrlə bu barədə göstəriş verib, biz bu istiqamətdə çox ciddi düşünürük. Bu, ölkədə nağd və qeyri-nağd pullar məsələsidir. Nağd pulların artırılmasına baxmayaraq, dövriyyəyə buraxdığımız pulların əhəmiyyətli bir hissəsinin yığıma, investisiyalara yox, nağd formada hesablaşmalara sərf olunması bütövlükdə iqtisadiyyatın kredit resurslarının və investisiyaların çatışmamasının başlıca səbəbidir. Cənab Prezidentimizin qarşımıza qoyduğu başlıca vəzifələrindən biri bu tendensiyanın aradan qaldırılması, hesablaşmaların qeyri-nağd formada aparılmasına üstünlük verilməsidir. Siz bilirsiniz, çox yaxşı infrastruktur yaradılıbdır. Bu gün pensiyalar, büdcə sektorunda çalışanların əmək haqları və sair kartlara köçürülüb. Lakin bütövlükdə iqtisadi subyektlər tərəfindən həmin kartlardan istifadə olunması bu gün qarşımızda duran mühüm məsələlərdən biridir.
Sonda mən millət vəkillərinə 2014-cü ilin büdcəsi ilə bağlı obyektiv, professional müzakirələrinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bütün iqtisadi qurumlar, o cümlədən Mərkəzi Bank ortamüddətli, uzunmüddətli dövrdə qarşılarında duran vəzifələrin həyata keçməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
E.Rüstəmov. Qorunan əmanətlərlə bağlı bilirsiniz, biz böhran dövründə kəskin addımlar atdıq. Təxminən 5 dəfə artıma getdik. Nəyə görə? Ona görə ki, 6 min manat idi. Bütün dünyada qorunan əmanətin həcmi ilə milli iqtisadiyyatın əsas göstəricisi adambaşına düşən milli məhsuldur. Onların arasında çox sıx asılılıq var. Bu gün bizim qorunan əmanətlərin məbləği təxminən 4 dəfədən yuxarıdır. Burada problem nədən ibarət ola bilər?
Tutaq ki, Amerikada 100 min Amerika Birləşmiş Ştatları dollarıdır. Amma Amerika iqtisadiyyatının masştabını bilirsiniz, orada təxminən 2 dəfədən yuxarıdır. Bütövlükdə bu-nun qorunması bankların üzərinə əlavə yük qoyur. Çünki o əmanətləri qorumaq üçün onlar əmanətlərin sığorta fonduna ehtiyat toplamalıdırlar. Bunun üçün əhəmiyyətli faizlər ödəməlidilər. Bu faizlər son nəticədə kreditlər üzrə xərclərin və faizlərin artmasına gətirib çıxarır. Buna görə də, Vahid müəllim, burada çox optimal balans olmalıdır. Hesab edirik ki, bu məbləğ sosial xarakterli olaraq çox əhəmiyyətlidir. Amma iqtisadi əhəmiyyətini də nəzərdən qaçırmamalıyıq. Həddindən artıq artıma getmək bütövlükdə faiz dərəcələrini bahalaşdıracaqdır. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda sual-cavaba keçək. Belə olmayacaq. Çox ətraflı məlumat verdi, ümumi suallara keçməyin mənası yoxdur. Çox sağ olun, Elman müəllim. Buyursun Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diqqəti əldə olunan müsbət sosial-iqtisadi inkişaf göstəricilərinə yönəldərək qeyd etmişdir: “Deyə bilərəm ki, 9 ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilən nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir”. Ölkə başçısının bu sözləri Azərbaycanın gələcək inkişafının əsas xəttini müəyyənləşdirmişdir. Azərbaycan xalqında əminlik var ki, dövlətimizin büdcəsi gələcək üçün möhkəm baza yaradır. Müzakirəyə təqdim edilən qanun layihələrini bütövlükdə mükəmməl sayıram və onlara səs verəcəyəm, lakin bir neçə xırda təklifim var.
Regionlarda, demək olar ki, müasir məktəb tikintisi uğurla davam edir, amma bununla belə, məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları yetərincə deyil. Köhnədən qalan binalar heç bir standartlara cavab vermir. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisələri yoxdur. Yeni təhsil strategiyasına görə uşaqların 90 faizi məktəblərə uşaq bağçalarından gəlməlidir, lakin yerlərdəki şərait buna imkan vermir. Deputat seçildiyim Oğuz şəhərində 19 uşaq bağçası və körpələr evindən yalnız biri müasir tələblərə cavab verir. Kəndlərimizdə də uşaq bağçalarına tələbat kəskin şəkildə artır. Ona görə də bu məsələlərin həlli təxirəsalınmaz olmalıdır.
2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrində inkluziv təhsilin ayrıca maddədə nəzərə alınması məqsədəuyğun olardı. Çünki xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil və sosial adaptasiyası vacib məsələdir. Respublikamızda autizmli uşaqların sayı 4 minə çatmışdır. Mən hələ sağlamlıqları məhdud başqa kateqoriyalardan olan uşaqları demirəm. Heydər Əliyev Fondu tərəfindən bu sahədə xeyli işlər görülür və görülməkdədir. Lakin dövlət tərəfindən də bu sahəyə maliyyə vəsaitinin ayrılması zəruridir.
Ölkəmizin bir çox regionları turizm sahəsində inkişaf etməkdədirlər. Bu rayonlara üz tutan qonaqlarımızı daha çox maraqlandıran bizim qədim memarlıq abidələrimizdir. Deputat olduğum Oğuz rayonunda 32 tarixi abidə mövcuddur. Onların sırasında eramızdan 1500 il əvvələ aid kurqanlar, VI-V əsrlərə aid olan Alban məbədləri öz bərpasını gözləyir.
Təyinatla respublikamızın kəndlərində işləyəcək gənc müəllimlərin, həkimlərin tələbatı nəzərə alınsa, müəyyən demoqrafik miqrasiya proseslərinin həllinə yardımçı ola bilərik. Dövlət tərəfindən bu kateqoriya mütəxəssislərə müəyyən imtiyazlar verilir. Lakin onlara da yenidən baxılmalıdır. Onların informasiya texnologiyalarından istifadə etməyə, internet, telefon və sair xidmətlərə böyük ehtiyacları var. İnternet kartı ayda 30 manat, telefon konturları 25–30 manatdır. Yəni müasir xərclər peyda olduğu üçün imtiyazlara da yenidən baxılmalıdır. Müəllimin müasir tələblərə uyğun innovativ dərsə hazırlaşması internetdən materialların əldə edilməsi nəticəsində ola bilər. Kənddə işləyənlər üçün ipo-teka kreditinin yeni şərtləri müəyyənləşdirilməlidir ki, gənc mütəxəssislər işlədiyi yerlərdə ilin günlərini saymasınlar və müxtəlif bəhanələrlə evlərinə qayıtmasınlar. Başqa çıxışlarda səslənən fikirləri təkrar etmək istəmirəm və düşünürəm ki, hökumətimiz bütün bu problemləri həll etməyə qadirdir. Bu işdə onlara uğurlar arzu edirəm. Sağ olun.


Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Ceyhun Osmanlı.
C.Osmanlı. Çox hörmətli millət vəkilləri, çox hörmətli hökumət nümayəndələri! Əslində, bu illər ərzində dövlətimizin əldə etdiyi uğurlar hər birimizin müşahidəsi ilə olub və hər birimiz bu prosesin şahidiyik. Bu çiçəklənmə, bu inkişaf Azərbaycanı inkişaf etmiş bir dünya ölkəsi səviyyəsinə gətirib çıxarmışdır ki, bunlar, əlbəttə ki, bizi sevindirir. Əlbəttə ki, büdcə zərfinə səs verəcəyik. İldən-ilə artan büdcəmiz qarşımıza yeni vəzifələr qoyur və onların həyata keçirilməsinə kömək edir. Növbəti ildə də büdcəmizin inkişaf etməsi sonrakı illər üçün də bir sıra aktual məsələlərin həllini zəruri edir.
Bunların içərisində, demək olar ki, hər il qaldırılan problemlərdən biri internat müəssisələrində 18 yaşı bitən gənclərin mənzil və işlə təminatı məsələsidir. Əslində, heç dövlətdən əlavə vəsait almadan bu problemləri həll etmək mümkündür. Məsələn, bu gün Azərbaycanda ən azı 5 hərbi yönlü ali təhsil müəssisəsi var. Nəyə görə internatda böyüyən oğlan uşaqlarının həmin hərbi akademiyalarda təhsil almalarına nail olunmasın? Onlar hərbi məktəblərə yerləşdirilərsə, sonradan onların iş, mənzil problemi avtomatik şəkildə öz həllini tapmış olur. Bununla da dövlətdən heç bir əlavə vəsait tələb olunmaz.
Başqa bir problem peşə təhsili ilə bağlıdır. Burada Təhsil Nazirliyinin rəhbərliyi, hökumətimizin təmsilçiləri iştirak edirlər. Hər il 120 min gənc orta təhsilini başa vurur. Amma onlardan yalnız 30 mini ali təhsil müəssisələrinə qəbul olunurlar. Yəni hər il ən azı 90 min gənc peşə yönlü ixtisas almağa məcburdur. Hələ nəzərə alsaq ki, ali təhsili başa vuran bəzi gənclər də peşə yönlü işlərə meyillənirlər. Deməli, hər il ən azı 100 min gəncin müasir peşə bilikləri almasına ehtiyac var. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Təhsil Nazirliyi ya 2014-cü ili, ya da 2015-ci ili müasir peşə təhsili ili elan etməlidir. Azərbaycanda olan peşə təhsilinin infrastrukturu modernləşdirilməlidir. Bu həm də planlı şəkildə həyata keçirilməlidir. O yerlərdə ki aqrar sektor inkişaf edib, təbii ki, orada yeni aqrar texnikumlara ehtiyac var. Harada ki turizm inkişaf edib, (məsələn, Qəbələ rayonunu götürək) orada da, təbii ki, turizm yönlü peşə təhsili müəssisəsinə ehtiyac var.
Eyni zamanda, ali təhsil sahəsində də önə çıxan bəzi problemləri qeyd etmək istərdim. Bu gün Azərbaycan gəncləri üçün çox mükəmməl bir proqram var. Çox sevindiricidir ki, Azərbaycan gənclərinin xaricdə təhsili proqramında prioritet ixtisaslar var. Yəni dövlətimiz öncədən hansı sahədə kadrlara ehtiyac olduğunu planlaşdırır və o ixtisaslara gənclərimizi oxumağa göndərir. Amma Azərbaycanda təhsil alan gənclərimizlə bağlı belə bir prioritet yoxdur. Yəni bu gün Azərbaycan universitetlərində dövlət sifarişli yerlərə pul ayrılmalıdır. Tək meyar rolunu bal müəyyənləşdirir. Yəni bu gün hansı ixtisas üstün hesab olunursa, hara yüksək ballar yaranırsa, insanlar da ora müraciət edir və təbii olaraq, dövlət də o sahədə dövlət sifarişlərini yerinə yetirir. Amma ölkənin gələcəyini, ilk növbədə, sənaye yönlü inkişaf, mühəndislik sahələri müəyyən edir. Ona görə də hesab edirəm ki, xarici təhsildə olduğu kimi, daxildə də təhsillə bağlı konkret meyarlar olmalıdır. Bu meyarı yüksək bal və prestijli fakültələr yox, ilk növbədə, ehtiyac olan sahələr müəyyənləşdirməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov. Əhliman müəllim, növbəti çıxış Sizin olacaq.
M.Kazımov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Çıxışımın əvvəlində xüsusi qeyd etmək istərdim ki, dövlət büdcəsi zərfinə daxil olan sənədlər ölkənin maliyyə və iqtisadi qurumları tərəfindən yüksək səviyyədə hazırlanmışdır. Azərbaycanın iqtisadi, sosial, ekoloji və əhali sakinliyinin inkişafı sahələrini xarakterizə edən son illərin statistikası makroiqtisadi göstəricilərin ilbəil yaxşılaşdığını təsdiqləyir. Ötən il ərzində qazanılmış hər bir uğur əvvəlki nailiyyətləri daha da möhkəmləndirmiş, nəticədə ölkəmiz dünyanın “Yuxarı orta gəlirli” və “Yüksək insan inkişafı” ölkələri qrupuna daxil olmuşdur. Bu önəmli nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi siyasətin bəhrəsidir. Fürsətdən istifadə edib hörmətli Prezidentimizi yenidən dövlət başçısı seçilməsi münasibəti ilə cəlilabadlıların adından təbrik edir, ona Azərbaycanımızın daha da güclənməsində həyata keçirdiyi möhtəşəm fəaliyyətində uğurlar arzulayıram.
Hörmətli millət vəkilləri, makroiqtisadi sabitliyin qorunub saxlanması, iqtisadiyyatımızın şaxələndirilməsi, sənayeləşdirmə siyasəti, regionların sürətli inkişafı, ilk növbədə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 890 dollardan 2012-ci ildə 7500 dollara çatmışdır.
Büdcə sənədlərindən göründüyü kimi, son illər həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin davamı olaraq 2014-cü ildə də hökumətin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması, qeyri-neft sektorunun davamlı inkişafı, özəl sektorun dəstəklənməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Bu siyasət gələn il real iqtisadi artımı 5,2 faiz, ümumi daxili məhsul istehsalını 75 milyard dollar həcmində proqnozlaşdırmağa imkanlar yaradır.
Önəmli haldır ki, qeyri-neft sektorunda 10 faizli artım nəzərdə tutulur. Bu sektorun ümumi göstəricidə xüsusi çəkisi 62 faizə çatdırılacaqdır. Dövlət büdcəsi xərclərinin strukturunun və icrası prosesinin təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlığının təmin edilməsi, xərclərin dövlət proqramlarının icrasına uyğun proqnozlaşdırılması işi 2014-cü ildə davam etdiriləcək.
Əhalinin rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hökumətin həyata keçirdiyi davamlı kurs növbəti ildə də diqqət mərkəzində olacaqdır. Büdcə xərclərində 2013-cü ildə əmək haqlarında, sosial müavinətlərdə və pensiyalarda baş vermiş artımın maliyyə təminatı tam təmin edilmişdir. Bütün bunlar əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də dövlət büdcəsinin sosial yönümlü olmasının göstəricisidir. Bu xərclərin ümumi xərclərdə payı 27 faizə yaxın proqnozlaşdırılmışdır.
Əsaslı xərclərin 2014-cü ilin dövlət büdcəsinin tərkibində payı kifayət qədər – 42 faiz çoxdur. Burada kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə 2012-ci ilin faktiki icra göstəricilərinə nisbətən 20 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Dövlət büdcəsi haqqında qanun layihəsinə dair Maliyyə Nazirliyinin təqdim etdiyi izahatdan da göründüyü kimi, son illər bu sektora ayrılan dövlət əsaslı vəsait qoyuluşu sürətlə artmışdır. Belə ki, 2005-ci ildə bu sahəyə 96 milyon manat vəsait ayrıldığı halda, gələn il bu vəsait 563 milyon manat həcmində proqnozlaşdırılır. Bu fakt aqrar sektora hökumətin diqqətinin təzahürüdür.
Onu da qeyd etməliyəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin təklifi ilə kənd təsərrüfatı məhsullarının istehsalına verilmiş vergi güzəştləri 2014-cü ilin yanvarında daha 5 il müddətinə uzadılır. 2014-cü il dövlət büdcəsində aqrar sahənin inkişafına xidmət edən “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına 131 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət büdcəsinin digər önəmli məqamlarından biri ölkədə sahibkarlığın inkişaf etdirilməsi, bu sahəyə maliyyə dəstəyinin gücləndirilməsi, yerli məhsul istehsalını stimul-laşdıran layihələrin maliyyələşdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsaitin ayrılmasıdır. Büdcə təhlili sənədlərindən də göründüyü kimi, 2014-cü il də nəzərə alınmaqla Milli Fond fəaliyyətə başladığı vaxtdan dövlət büdcəsi və digər mənbələr hesabına üst-üstə burada 1 milyard 500 milyon manata yaxın vəsait ehtiyatı yaranacaqdır. Bu çox böyük maliyyə vəsaitidir, ondan səmərəli istifadə olunmalıdır.
Hörmətli millət vəkilləri, büdcə layihəsi ilə bağlı bir vacib məsələ barəsində də danışmaq istərdim. Bu, dövlət büdcəsinin yerli xərcləri ilə bağlıdır. Bununla bağlı hökumətin və Maliyyə Nazirliyinin son illər həyata keçirdiyi işlər müsbət qiymətləndirilməlidir. 2014-cü ildə dövlət büdcəsinin yerli xərcləri 1 milyard 630 milyon manata çatdırılacaqdır. Bu 2012-ci ilin icra göstəricisi ilə müqayisədə 31 faiz çoxdur. Bu göstərici son 10 ildə 3 dəfə artmışdır. Burada müsbət məqamlardan digəri icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın büdcə xərcləri tərkibində xüsusi çəkisinin ilbəil azalmasıdır.
Hörmətli millət vəkilləri, son olaraq bir daha qeyd etmək istərdim ki, 2014-cü ilin büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna və bu gün dövlət başçısı tərəfindən uğurla həyata keçirilən iqtisadi və siyasi kursun tələblərinə cavab verən səviyyədə hazırlanmışdır. Mən bu sənədə səs verəcəyəm. Həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov. Hazırlaşsın Yevda Abramov.
Ə.Əmiraslanov. Çox hörmətli sədarət, çox hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, 2014-cü ilin büdcə zərfi çox peşəkarcasına hazırlanıbdır. Mənə belə gəlir ki, qeyri-neft sektorunun büdcədə payının artması hər bir azərbaycanlını sevindirməlidir. Mən burada çox geniş danışmaq fikrində deyiləm. İstərdim ki, mənə daha yaxın olan sahə barəsində fikirlərimi konkret olaraq bildirim.
Bu gün çıxış edənlərin əksəriyyəti səhiyyə sahəsinə toxundu. Doğrudan da, son illər səhiyyəyə ayrılan vəsaitin həcmi artıbdır. Bu illə 2005-ci ili müqayisə etsək, 115 mil-yondan 726 milyona qədər artım var. 2014-cü ildə də artım 8,4 faiz gözlənilir. Ancaq mənə belə gəlir ki, çıxış edən vaxt gərək bir qədər ədalətli olaq, fikirləşək, sonra danışaq. “Bu gün Azərbaycan səhiyyəsində inkişaf yoxdur”, “həkimlərin səviyyəsi aşağıdır” demək, mənə belə gəlir ki, ədalətsiz olardı. Gəlin yada salaq ki, 10 il bundan qabaq xəstəxana-larımızda, klinikalarımızda vəziyyət necə idi, bu gün necədir. 10 il bundan qabaq Azərbaycanda hansı əməliyyatlar olmurdu, bu gün hansılar olur.
Mən istərdim, diqqətinizi rəsmi rəqəmlərə yönəldim. Dövlət Statistika Komitəsi hər il bu rəqəmləri bizə verir. Səhiyyə müəssisələrinə müraciətlərin, xəstəxanalarda müalicə olunan xəstələrin, cərrahiyyə aktivliyinin, müalicələrdən ağırlaşmaların, ölümlərin, xüsusilə ana-uşaq ölümünün göstəricilərinə baxmaq lazımdır. Bu rəqəmlərə fikir versəniz görərsiniz ki, səhiyyəmizdə çox böyük işlər görülüb.
Mən o fikirdən kənaram ki, guya səhiyyəmizdə problem yoxdur. Problemlərimiz var, şübhəsiz ki, bunlar gələcəkdə həll olunacaqdır. Gəlin bir daha yadımıza salaq, təxminən 5 il bundan öncə Azərbaycanda ildə 1 dənə də açıq qəlb əməliyyatı aparılmırdı. İndi yalnız bir klinika ildə mindən artıq açıq qəlb əməliyyatı aparır. Bunu etiraf etmək lazımdır. Yaxud orqan transplantasiyası əməliyyatlarını götürək. Bunların hamısını sadalayıb vaxt almaq istəmirəm, ancaq gəlin ədalət naminə deyək ki, bu gün səhiyyəmizin maddi-texniki bazasının möhkəmlənməsi, bu sahəyə vəsait qoyuluşu artmaqla bərabər kadr potensialı da xeyli güclənib.
Deyirlər ki, islahatlar getmir. Ali tibbi təhsildə – istər diplomaqədərki, istərsə də diplomdansonrakı təhsilimizdə çox ciddi islahatlar gedib. Rezidentura sisteminə keçmişik. Bunlar islahatlar deyil?
Xaricə xəstə axını ilə əlaqədar mən əvvəllər də demişəm, bu gün də təkrar edirəm, bəli, bu barədə həddən artıq pafosla danışan insanlar özlərinin xırda bir problemi olanda xarici ölkələrə müraciət edirlər. Bunlar böyük rəqəmlər söyləyirlər. O statistik rəqəmləri verin görək, nə qədərdir? Deyirsiniz ki, minlərcə adam növbəyə durubdur. Amma statistika göstərir ki, Azərbaycan əhalisinin tam əksəriyyəti Azərbaycanda müalicə olunur.
Ancaq son illər dünyada “tibbi turizm” çox dəbə düşübdür. Kimsə istəyirsə ki, başqa bir ölkədə müalicə olunsun, onun qarşısını heç kim ala bilməz. Bu təkcə Azərbaycanın problemi deyil, bütün dünyanın problemidir. Qardaş Türkiyədə zəngin insanlar Almaniyaya, Amerikaya gedirlər. Almaniyada insanlar Amerikaya gedirlər. Bu, insanların şəxsi işidir. Əgər müəyyən qrup insan İrana müalicəyə gedirsə, bu o demək deyil ki, Azərbaycanda həkim yoxdur və yaxud Azərbaycanda səhiyyənin maddi-texniki bazası aşağıdır. Mən bir həkim kimi tam səmimi deyirəm, qonşu ölkələrdə müalicə olunub qayıtmış xəstələrlə rastlaşırıq, onların səhvlərini düzəldirik. Bizim insanların psixologiyası belədir ki, həmişə kənara getməyi sevirlər. Tutaq ki, Moskvaya gedirlər, orada da kimsə onlara deyir ki, Azərbaycanda belə bir həkim var, bura niyə gəlmisiniz? Ondan sonra onlar Azərbaycanda bu həkimi axtarıb tapırlar. Çox təəssüflər olsun ki, belə insanlarımız da var. Ancaq bundan istifadə edib “son illər Azərbaycan səhiyyəsində inkişaf yoxdur” demək, mənə belə gəlir ki, ədalətsizlikdir, düzgün deyil.
Mən istərdim, təhsillə əlaqədar bir neçə kəlmə deyim. Təhsil strategiyasının qəbul olunması təhsilimizin inkişafında çox önəmli bir addımdır. Bu təhsil strategiyasını həyata keçirmək üçün indi Təhsil Nazirliyi təhsil müəssisələri ilə birgə yeni mexanizm hazırlayır. Mənə belə gəlir ki, bunun üçün gələcəkdə xeyli vəsait tələb olunacaqdır. Çünki 12 illik orta təhsilə keçilməsi ali təhsilin ilk illərindəki bir çox məsələlərin orta məktəbə keçirilməsinə səbəb olacaq. Ona görə də burada çox ciddi islahatlar getməlidir. Bu strategiyada daha bir vacib məsələni istərdim, nəzərə çatdırım. Təhsil Fondunun yaradılması məsələsi ortaya qoyulubdur. Mənə belə gəlir ki, bu çox uğurlu addımdır. Biz hamımız şahidiyik ki, Elmin İnkişaf Fondunun yaradılması Azərbaycanda elmin inkişafına son dərəcədə təkan verdi. Bu Təhsil Fondunun da təhsilimizin inkişafına çox böyük köməyi olacaq.
İstərdim ki, elmi işçi kimi elmlə əlaqədar məsələlərə bir neçə kəlmə ilə münasibətimi bildirim. Burada dedilər ki, hansı rəqəmləri gətirmək olar. Milli Elmlər Akademiyasına daim hücumlar olur və elmi tədqiqatların səviyyəsinin aşağı olması barədə fikirlər deyilir. Çox təəssüf olsun ki, bu fikirləri söyləyən insanlar nə elmi işçilərdir, nə də vaxtilə elmlə məşğul olanlar. Bu insanlar deyirlər ki, Milli Elmlər Akademiyasında səviyyə aşağıdır. Bu belə deyil. Orada düzdür, problemlər var, amma islahatlar gedir. Dostum, millət vəkili Mollazadəyə cavab olaraq demək istəyirəm ki, Siz internet saytlarına girin, dünyada çox tanınmış, indeksləri həddən artıq yüksək olan jurnallara baxın, görün son ildə Azərbaycan alimlərinin məqalələrinin sayının dinamikası necədir. Burada həddən artıq inkişaf, irəliləyiş var. Elmimiz də, təhsilimiz də, səhiyyəmiz də bərbad haldadır demək çox asandır. Amma reallıqda bu sahələrdə çox böyük irəliləyişlərimiz var.
Mənim vaxtım qısalır. Demək istəyirəm ki, səhiyyəmizin daha uğurlu inkişaf etməsi üçün adambaşına ayrılan səhiyyə vəsaiti hökmən artırılmalıdır. Bu rəqəm çox aşağıdır, bu barədə fikirləşmək lazımdır. Eyni zamanda, akademiya elmini universitet elmindən ayırmaq uğursuz cəhdlərdir. Akademiya ilə universitetlər birgə çalışırlar və bu istiqamətdə çox böyük uğurlarımız olacaq.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Əhliman müəllim. Yevda Abramov buyursun.
Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Mən də büdcə zərfinə daxil olan bütün sənədlərin qəbul olunmasının lehinə səs verəcəyəm. Amma bir vətəndaş, bir millət vəkili kimi büdcə haqqında bir neçə kəlmə demək istəyirəm.
Büdcə Azərbaycan Respublikası Prezidentinin cəmiyyətin sosial-iqtisadi inkişafının daha da dərinləşməsi və inkişaf etməsi üçün qəbul etdiyi bütün sərəncamlara, bütün regional proqramlara uyğun tərtib edilmişdir. Əlavə olaraq “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası irəli sürülmüşdür və bu nəzərdə tutulmuş strategiyaya, hədəflərə çatmağa xidmət edir. Büdcə layihəsi artıq bir aydır ki, müzakirədədir, mediada böyük ajiotaja səbəb olub. Həmkarlarımız da büdcəni çox dəyərləndirirlər və mülahizələrini deyirlər. Mən həmkarlarıma minnətdaram, onların qaldırdığı müsbət fikirlərə də həmrəyəm. Bu büdcəni ərsəyə gətirən hökumət üzvlərinə, xidməti olan hər bir insana təşəkkürümü bildirirəm. Zehinlərinizə sağlıq, əllərinizə sağlıq!
Təbii ki, biz əyalətdən seçilən deputatlarıq, daim xalqın içərisindəyik. Sentyabr, oktyabr aylarında ən xırda qəsəbələrdə də, 12 ailənin yaşadığı çoban alaçıqlarında da olmuşuq. Görürük ki, bu gün xalq iqtidardan, cənab Prezidentin apardığı uğurlu siyasətdən razıdır. Bunun nəticəsi olaraq xalq yekdilliklə cənab Prezidenti yenidən növbəti 5 il üçün ölkə başçısı seçdi. Bütün bunlara görə də cənab Prezidentə minnətdarıq.
Biz – Yeni Azərbaycan Partiyasından seçilmiş deputatlar cənab Prezidentin sədaqətli əsgərləriyik və onun rəhbərliyi altında nəzərdə tutulmuş böyük layihələrin həyata keçiril-məsinə dəstək verməliyik. Bu mənada, biz burada nə deyiriksə, bunlar tənqiddən əlavə, işə yardım edilməsinə xidmət edir.
Oqtay müəllim, mən keçən il büdcənin müzakirəsi vaxtı bir neçə məsələ qaldırmışdım və bu gün o məsələlərin bir çoxu yerinə yetirilib. Mən bunun üçün səhiyyə naziri cənab Oqtay Şirəliyevə minnətdaram. Başda cənab Prezident olmaqla “Azərsu” tərəfindən Qubada çox böyük tutumlu su-kanalizasiya sistemləri tikildi və təhvil verildi. Qubalılar on illərlə bunu gözləyirdi. Bu gün nəinki Quba, bütün regionlarımız inkişafdadır və biz bunu görürük. Amma kimlər görmürsə, yəqin ki, onların əyalətlərlə, seçildiyi yerlərlə əlaqələri çox zəifdir.
Amma elə məsələlər var ki, bu gün biz cənab Samir müəllimdən onu təkidlə tələb etmirik və ummuruq. Amerika iqtisadçı aliminin SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutundakı kiçik məruzəsindən sitat gətirmək istəyirəm. O sovet iqtisadçılarına deyir: “Mənim əzizlərim, dünyada xoşbəxt olmaq üçün üç böyük amil lazımdır. Birincisi, pul”. Yerdən biri durub deyir ki, bəsdir, elə orada saxla, ikincisi və üçüncüsü lazım deyil. Hər şey üçün pul lazımdır. İndi Samir müəllim cavabında bizə deyəcək ki, bəli, burada təklif etdiyiniz bütün məsələlərin həlli mümkündür, amma pul lazımdır və biz bunu başa düşürük. Mənə elə gəlir, Samir müəllim də bizi başa düşür ki, biz minlərcə seçicimizin tələb və təkliflərini bu zala gətirməliyik.
Bu mənada, dostum Vahid müəllimlə cənab Prezidentdən öz rayonumuzla əlaqədar dəfələrlə çox böyük layihələrin həyata keçirilməsini xahiş etmişik. Çox sağ olsun, cənab Prezident Qubadan qayıdan gün axşam televiziyada sərəncamları eşitmişik. Bu, praktikada olub, siz bunu bilirsiniz. Biz ondan Qonaqkənd-Şamaxı yolunu xahiş etdik. Məndə olan məlumata görə bu, artıq nəqliyyat nazirinə tapşırılıb, “Azəravtoyolservis”də işlər başlanılıb. Bu yolun çox böyük əhəmiyyəti var və biz bunu Prezidentə demişik. Cənab Prezident də onun dəyərini bilərək bu işə böyük bir səriştə ilə başladı. Bu yüzlərcə kəndin dolanışığıdır. Bu şimal rayonlarının qərb rayonlarına kəsə yolla çıxışıdır, 200 km məsafəyə qənaətdir. Bu, turizmin inkişafı üçün də çox dəyərlidir. Ona görə Samir müəllimdən xahiş edirik, qarşıdakı ildə bunun dövlət investisiya layihəsinə salınmasına yardımçı olsun.
Mühüm məsələlərdən birini dostum qaldırdı, o barədə ətraflı danışmaq istəmirəm. Oqtay müəllim, Sizi xatircəm edirəm, bu dəfə almadan danışmayacağam. Bezdirmişik Sizi. Amma bu məhsulun son istehlakı məni çox maraqlandırır. Keçən dəfə də Şahin Mustafayevə sual ünvanlamışdım, amma Sevinc xanım cavab vermişdi. Vallah sonra mət-buatda oxudum ki, guya Yevda Abramovun rayonda gedən proseslərdən xəbəri yoxdur. Amma mən yenə Sevinc xanıma müraciət edirəm ki, (o da zaldadır) o zavod işləmir, onu mənim dostum və rəhbərliyi altında işlədiyim Arif Rəhimzadə birinci katib olanda tikdirib. O zavodun SSRİ vaxtı zərbəçi kollektivi var idi. Arif müəllim bütün günü o təşkilatda idi, biz onu kabinetdə tapa bilmirdik. Onu özəlləşdiriblər, Oqtay müəllim. Sağlığına qismət, mənim paxıllığım yoxdur, o biri zavodu nə üçün sökdülər? Onu da özəlləşdirdilər, o da sağlığına qismət, amma rayonda bir zavod olmalıdır axı. Sevinc xanım deyir ki, o zavodlar işləyir. Amma mən həftədə iki dəfə rayonda oluram, o zavodlar işləmir. Almanı təhvil vermək üçün insanlar gecə-gündüz növbəyə dururlar. Qəpik-quruşa verirlər, o da heç çilənən dərmanın pulunu ödəmir.
Rusiyada başlanan hadisələr göstərdi ki, yeni iş yerlərinin açılmasına bu gün böyük tələbat var. Samir müəllim, büdcədə fors-majorlara da hazır olmalıyıq. Bu gün büdcəmizdə yeni iş yerlərini açmaq prioritet bir məsələ olmalıdır. Oqtay müəllim, Gəncə–Moskva, Bakı–Moskva, Lənkəran–Moskva təyyarələri ilə həmyerlilərimiz qayıdırlar. Mən rayonda çoxdan görmədiyim insanlarla rastlaşıram. Bu qayıdış olacaq, bunu gizlətmək lazım deyil. Biz buna hazır olmalıyıq, vətəndaşlarımıza yeni iş yerləri açmalıyıq. Ona görə biz prioritet olan bir sıra məsələlərə daha çox diqqət yetirməliyik. Büdcəmiz əladır, imkanlarımız da var.
Keçən il komitə iclaslarında bir az kəskin danışmışdıq. Soruşmuşduq ki, hökumətin bu əmanətlərini verməyə siyasi iradəsi, gücü, yoxsa pulu çatmır? Samir müəllim çox gözəl cavab verdi ki, gücümüz də çatır, iradəmiz də. Doğrudan da, gücümüz də çatdı, iradəmiz də çatdı. Mənə elə gəlir ki, bu qədər savadlı, öz vəzifələrinə vurğun olan nazirlərimiz istəsələr, bunların da öhdəsindən gələ bilərlər.
Keçən dəfə “3 manatlıq” əsginazın çap məsələsini demişdim. Bu elə də çətin iş deyil. Bunu mən Qazaxıstanın, Amerikanın təcrübəsində gördüm. Samir müəllim düz cavab verdi ki, bu mənim səlahiyyətimə daxil deyil. Ona görə Elman müəllimdən soruşmaq istərdim ki, “3 manatlıq” əsginaz çap edilə bilməzmi? Bu həm manatlıqların çapına qənaətdir, həm də onun çevik əməliyyat rolu var. Düzdür, biz hələ nağdsız hesablamalara adət eləməmişik, böyük nominal pullar da nənələrimizin sandıq puludur. Ona görə bu əsginazın çap edilməsi yerinə düşərdi. Bilmirəm, nə dərəcədə düzgün anlamışam, anlamamışam, bu büdcəyə səs verəcəyəm. Deputat həmkarlarımı da buna çağırıram. Uğurlar olsun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Hörmətli həmkarım Yevda müəllimin çıxışından sonra söz deməkdə bir az çətinlik çəkirəm, çünki həmin problemlər hər bir rayonda mövcuddur. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə dair geniş və ətraflı məruzələrə görə maliyyə nazirimiz hörmətli Samir Şərifova və Mərkəzi Bankın İdarə Heyətinin sədri cənab Elman Rüstəmova öz təşəkkürümü bildirirəm. 2014-cü ilin dövlət büdcəsi mükəmməl tərtib olunaraq iqtisadiyyatımızın hər bir sahəsinə xüsusi yer ayırmış-dır. Müzakirə olunan dövlət büdcəsi layihəsi bir daha Azərbaycanın davamlı inkişaf yolunda olduğunu göstərir.
Hər il olduğu kimi, gələn ilin dövlət büdcəsinin də artımla nəzərdə tutulması gələcəkdə Azərbaycanda daha iri sosial layihələrin həyata keçiriləcəyindən xəbər verir və bu yüksək iqtisadi inkişafın əsasında Prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün iqtisadi siyasət durur. Xüsusilə qeyd etmək istəyirəm ki, iqtisadiyyatımız inkişaf edir, makroiqti-sadi sabitlik və inkişaf dinamikası qorunub saxlanılır, hər il əvvəlki illərlə müqayisədə təsəvvür olunmaz dərəcədə investisiyalar qoyulur, daha böyük sosial layihələrə imzalar atılır.
Ölkəmizdə elm və təhsilin inkişafına yüksək diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının sürətlə yenidən qurularaq müasirləşdirilməsi həyata keçirilir. Müəllimlərin işləməsi və şagirdlərimizin müasir şəkildə təhsil alması üçün hər cür şərait yaradılır. Dövlət siyasətinin əsasında ölkədə ziyalı gənc nəslin yetişdirilməsi durur, çünki dünya təcrübəsində də ziyalısı çox olan ölkə inkişaf etmiş ölkə sayılır. Mən də düşünürəm ki, orta təhsil müəssisələrində çalışan təhsil işçilərinin maaşlarının artırılmasına ehtiyac var. Ona görə ki, maddi cəhətdən təmin olunmuş müəllim öz işinə daha məsuliyyətlə yanaşar və təhsilin keyfiyyəti artar. Mən də təklif edirəm ki, dövlət büdcəsi layihəsində təhsilə ayrılan xərclərin əmək haqqı bölməsində müəyyən artım nəzərdə tutulsun.
Təmsil olunduğum Qusar rayonu haqqında da fikirlərimi bildirmək istəyirəm. Azərbaycanın bütün bölgələri kimi Qusar rayonu da öz inkişaf mərhələsini yaşayır. Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illər Qusarda iri sosial layihələr həyata keçirilmiş, rayon öz simasını dəyişmişdir. Amma zamanın tələbinə uyğun həll olunmamış və rayon sakinlərini narahat edən bəzi məsələlər qalmaqdadır. Həmin məsələlərlə əlaqədar ötən illər büdcə layihələrinin müzakirələrində və hökumət hesabatında tərəfimizdən çıxışlar olmuş, amma həmin məsələlərin həlli bu gün də qalmaqdadır. Hər dəfə seçicilərlə görüşlərdə onlar öz narahatlıqlarını bildirirlər.
Birinci məsələ Qusar şəhərində məktəbəqədər tərbiyə müəssisələrinin sayının az olması ilə əlaqədardır. Şəhərin Heydər Əliyev prospektində yerləşən köhnəlmiş 2 saylı uşaq bağçasının yerində yeni çoxyerlik uşaq bağçasının tikintisinə ehtiyac var. Rayon mərkəzində 1800-dən çox uşaq olduğu halda, cəmi 18 uşaq bağçası var. Əgər 2 saylı uşaq bağçası yenidən tikilərsə, müəyyən qədər problemin həllinə kömək edər. Gələcək nəslin düzgün tərbiyə olunmasında məktəbəqədər tərbiyə müəssisələrinin rolu böyükdür və bu sahəyə diqqətlə yanaşmağı xahiş edirəm.
İkinci məsələ Qusarı İpək yoluna birləşdirən, 11 min 500 nəfər əhaliyə xidmət göstərən 21 km uzunluğu olan Qusar–İmamqulukənd–Quxuroba yolunun yenidən qurulması ilə bağlıdır. Yol uzunmüddətli istismar nəticəsində çox köhnəlmişdir. Cari təmirlərin mütəmadi aparılmasına baxmayaraq, yararsız vəziyyətdədir və seçicilərimiz tərəfindən hər bir görüşdə dəfələrlə bu məsələ qaldırılır.
Üçüncü məsələ Həzrə–Sudor yolunun yenidən qurulması ilə əlaqədardır. Bu yolun uzunluğu 29 km olmaqla 121 yaşayış məntəqəsinə xidmət göstərir. Yerlərdə keçirdiyimiz görüşlər zamanı hər dəfə strateji əhəmiyyətə malik bu yolun tikintisi ilə əlaqədar seçicilərimiz məsələ qaldırırlar.
Dördüncü məsələ rayonun qazlaşdırılması ilə əlaqədardır. Qusar rayonunun 90 yaşayış məntəqəsindən cəmi 26-sı qazlaşdırılmışdır. Yəni rayon əhalisinin 28,8 faizi qazla təmin olunmuşdur. Qazlaşdırılmış 26 yaşayış məntəqəsində mövcud 12 min 470 evdən 1301 evdə qaz yoxdur. Bu da 10,5 faiz təşkil edir. Bu il rayonun sosial-iqtisadi inkişaf planında 6 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulsa da, çox təəssüf ki, bu sahədə heç bir iş görülməmişdir. Bu da rayon əhalisini ciddi narahat edir. Qeyd etdiyim məsələlərin həlli ilə əlaqədar sakinlər tərəfindən həm bizə, həm də yuxarı təşkilatlara dəfələrlə müraciətlər olmuşdur. Nazirlər Kabinetindən qeyd etdiyimiz layihələrin icrası üçün dövlət büdcəsindən vəsait ayırmasını xahiş edirəm. Büdcə layihəsinə mən də səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm, yorulmusunuz. Gövhər xanıma da söz verəcəyəm. 45 nəfər çıxış edib. Xahiş edirəm, sabah çıxışları 5 dəqiqə eləyək ki, siyahıdakı 22 nəfər də çıxış eləsin, günün birinci yarısında büdcə layihəsini qurtaraq və o biri məsələlərə keçək. Gövhər Baxşəliyeva, buyurun.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Milli Məclis, mən də həmkarlarım kimi hesab edirəm ki, təqdim edilən layihə yüksək səviyyədə, peşəkar komanda tərəfindən həmişəki kimi hazırlanıb. Azərbaycan dinamik inkişaf edir, iqtisadiyyatın neftdən asılılığı azalır, makroiqtisadi sabitlik qorunub saxlanılır. İqtisadiyyat şaxələnir, modernləşdirmə prosesləri sürətlənir, yüksək sənaye və texnologiya texnoparkları yaradılır. Ölkədə böyük yenidənqurma işləri həyata keçirilir. Cəsarətlə demək olar ki, tarixin heç bir dönəmində Azərbaycanda qısa zaman kəsiyində bu qədər yenidənqurma işləri aparılmayıb.
Regionlarda böyük layihələr həyata keçirilir. Yerli gəlirlər artır. Hər dəfə Bərdəyə səfər zamanı biz böyük yeniliklər görürük. İstər kəndlərin qazlaşdırılmasında, istər yeni artezian-suvarma quyularının vurulmasında, istərsə də yeni məktəblərin tikilməsində bu görünür. Elə Bərdənin girişində böyük bir şəhərcik salınır. Qaçqınlar üçün 15 beşmərtəbəli bina tikilib və yaxın 3 ildə onların sayını 100-ə çatdırmaq nəzərdə tutulub. Bərdənin girəcəyində Mingəçevir kimi bir şəhər salınır. Çox böyük işlər görülür, bunların hamısını etiraf etməli, təqdir etməliyik.
Həmkarım Aqiyə xanım məktəbəqədər hazırlıq haqqında danışdı. Xüsusən kəndlərdə uşaq bağçaları məhdud saydadır. Vaxtilə Təhsil Qanununu qəbul eləyəndə məktəbəqədər hazırlıq məsələsində səhvə yol vermişik. Biz bu məsələyə yenidən qayıtmalıyıq, çünki bu çox böyük gərginlik yaradır. Valideynlər çox narahatdırlar. Uşaq məktəb yaşına çatanda məktəb direktorları tərəfindən sui-istifadə halları başlayır ki, sənin uşağın bağçaya getməyibsə, məktəbə götürə bilmərik. Bu məsələni tənzimləməliyik ki, belə anlaşılmazlıqlar olmasın, insanlar əziyyət çəkməsinlər.
Mən konkret olaraq elm sahəsi haqqında danışmaq istərdim. Son illər elmə ayrılan vəsait mütəmadi olaraq artırılır. 2014-cü ildə də elmə 15 faiz çox vəsait ayrılacaq. Bu da özlüyündə müsbət haldır. Sentyabr ayında Prezidentimiz sərəncam verdi, elmi dərəcələrə görə alınan təzminatlar iki dəfə artırıldı. Sonra daha öncəki illərdə təqaüdə çıxan alimlərin elmi dərəcələrə görə aldıqları əlavə vəsait də müəyyən olundu – 120 manat və 200 manat. Məvaciblər də 10 faiz artdı. Amma hörmətli Samir müəllim, hörmətli nazirlər, etiraf etməliyik ki, elmi işçilərin məvacibləri hələ də günün tələbinə cavab vermir. Bu məsələ komitə iclasında da qaldırıldı. Samir müəllim buna münasibət bildirdi, amma problem yerində qalır. Elmi işçilərin məvacibləri respublika üzrə orta əmək haqqından xeyli aşağıdır. Mənə elə gəlir ki, bu məsələ gec-tez öz həllini tapmalıdır. İslahat aparılmalıdırsa, bunu tezləşdirmək lazımdır, çünki hər itirdiyimiz il elmi potensialın itirilməsi deməkdir.
Həmkarlarım tərəfindən burada bir fikir səsləndi, Əhliman müəllim də onlara cavab verdi. Deyirlər ki, Azərbaycan elmi zəif inkişaf edir, alimlər mükafatlar almırlar. Belə deyil. Biz gəlin nəzərdən keçirək ki, hansı ölkələrin alimləri dəqiq elmlər sahəsində Nobel mükafatı alıblar? O ölkələrin alimləri bunu alıb ki, orada elmə ayrılan vəsait 4 faizdən az deyil. Bizdə isə hələlik 0,7 faizdir. Öncəki illər daha az idi. Yəni elmə qoyulan bu cür vəsaitlə, görünür, Nobel mükafatını biz hələ bir neçə il də ala bilməyəcəyik. Ədəbiyyat, digər ictimai elmlər sahəsini nəzərdən keçirək. Türkiyə kimi bir ölkənin indiyəcən bir yazıçısı – Orhan Pamuk bu mükafatı alıb. 18 ölkədən ibarət ərəb aləminin yazıçılarından yalnız Misir yazıçısı Nəsib Məhfuz Nobel mükafatı alıb. Azərbaycan alimlərinə, Azərbaycan yazıçılarına belə iradlar tutulmamalıdır. Bizim alimlər Malayziyadan başlayaraq ta Amerikaya qədər gedirlər, tədbirlərdə iştirak edirlər və elmimizi layiqincə təmsil edirlər. Bu potensial da dağılıb tükənsə, elmimizi, ümumiyyətlə, Azərbaycanı kimlər təmsil edəcəklər? Çox xahiş edirəm, alimlərin məvacib məsələsinə bir daha qayıdılsın və bu məsələ müsbət həll olunsun.
Bu günlərdə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşdük. Orada ən aşağı məvacib min dollardan az deyil. Yəni hələ elmi dərəcəsi olmayan elmi işçi 30 min rubl alır. Direktor müavini 2 min dollar alır. Hesab edirlər ki, bu azdır, yaxınlarda artım da gözləyirlər. Müqayisədə bizim alimlər çox aşağı məvacib alırlar. Biz deyə bilmərik ki, Milli Elmlər Akademiyasına vəsait ayrılmır, amma onlar müəyyən layihələrə, avadanlığın alınmasına yönəldilir. Gənc alimlərin vəziyyəti xüsusi narahatlıq doğurur. Onların mənzil problemi həll olunmamış qalır. Bizdə qızıl kitab var, incəsənət sahəsində ən istedadlı uşaqların, gənclərin adları ora salınır. Mən hesab edirəm, fövqəladə istedada malik gənc alimlər haqqında da belə tədbirlər görülməlidir. Onlara dövlət tərəfindən xüsusi təqaüdlər verilməlidir. Yəni bu istedadlar təkcə özlərinə məxsus deyillər, onlar bütövlükdə xalqın sərvətidirlər. Biz məsələyə belə yanaşmalıyıq və bu sərvəti itirməməli, yaxşı qoruyub saxlamalı və xalqın ümumi mənafeyi naminə ondan istifadə etməliyik.
Mən digər bir məsələ haqqında da danışmaq istərdim. Hamınız bilirsiniz, korrupsiya məsələsi bir sıra hallarda dövlətin gördüyü böyük işlərə kölgə salır. İnsanlar bəzən korrup-siya, rüşvətxorluq məsələsinə görə incik düşürlər. Mən hesab edirəm, bu istiqamətdə də biz mütləq bu sahədə çox böyük uğurlara imza atmış ölkələrin, məsələn, Sinqapurun təcrübəsindən istifadə etməliyik. O ölkələrdə korrupsiya ilə mübarizəyə ilk növbədə məvaciblərin artırılması və rüşvətxorluğa qarşı cəzaların sərtləşdirilməsi ilə başlayıblar. Yəni korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bu iki yoldan keçir.
Sədrlik edən. Gövhər xanım, çox sağ olun, yaxşı çıxış etdiniz, amma bir dənə uğursuz misal çəkdiniz. Mən üzr istəyirəm, Orxan Pamuku bir az çox tərifləsəniz, bizim Azərbaycanda belə həvəskarlar çoxalar. O nəyə görə Nobel mükafatı alıb, məlumdur. Ona görə dedim ki, uğursuz bir misaldır. Çox sağ olun. Sabaha qədər.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU