03.12.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
X SESSİYASI İCLASININ

PROTOKOLU № 78

Milli Məclisin iclas salonu.
3 dekabr 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 97
Yetərsay 83


İclasa dəvət olunmuşlar:

Elçin Nəsibov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.
Ağakərim Səmədzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri.

* * *

İbrahim Babayev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, İqbal Ağazadə, Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 100
Nəticə: Qəbul edildi

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Rzayev, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fazil Mustafa, Çingiz Qənizadə, Bahar Muradova, Qənirə Paşayeva, Siyavuş Novruzov, Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlı, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Şəmsəddin Hacıyev, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Musa Quliyev, Elmira Axundova, Musa Qasımlı, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Elmira Axundova, Rafael Cəbrayılov, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Çingiz Qənizadə, Elmira Axundova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.16 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

10. Akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI
3 dekabr  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir   97
Yetərsay  83

Sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 100
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Beynəlxalq əlillər günüdür. Azərbaycanda 12 minə yaxın əlilin olduğunu və bunların böyük əksəriyyətinin Ermənistan –  Azərbaycan münaqişəsi zamanı əlil olmasını nəzərə alaraq çox xahiş edirəm ki, növbəti illərdə sosial güzəştlər və ya mənzil növbələrində dayanan əlillərin problemlərinin həlli istiqamətində ciddi addımlar atılsın. Ən azı ali məktəblərdə təhsil alan əlil və əlil ailəsinin üzvlərinin təhsil haqqından azad olunması dövlətin qarşısında bir prioritet vəzifə kimi qoyulsun.
İkinci, mən büdcə müzakirə olunarkən burada qiymət artımından danışmışdım. Çox təəssüf ki, o zaman hörmətli hökumət üzvləri bu məsələyə münasibət bildirmədilər. Bu gün artıq qiymətlər qalxıb. Tarif Şurası enerji daşıyıcılarının, o cümlədən yanacağın qiymətinin qaldırılmasını elan edib. Dekabr ayının 3-dən yanacağın qiyməti artıq rəsmən qaldırılmış hesab olunub. Buna nə ehtiyac var idi? Təəssüflər olsun ki, nə Tarif Şurası, nə də müraciət edən tərəf bunu əsaslandırıb. Yanacağın qiyməti nəyə əsasən qalxmalı idi? Bunun bir əsası olmalıdır. Sadəcə, “müraciət etdilər” və yaxud da “çox qazanmaq istəyirəm deyə qiymətləri qaldırıram” kimi yanaşma ola bilməz, çünki bu, dövlətin və xalqın məhsuludur.
Heç kəs hesablamır ki, təkcə yanacağın qiyməti bu qədər artırsa, sabah ölkədə ərzaq məhsullarının, bütövlükdə qiymətlərin bahalaşması hansı şəkildə davam edəcək. Bu siyasətin qarşısında dayanmaq mümkün olmayacaq. Əgər yanvardan qiymətlər 30 faiz qalxacaqsa, sentyabr ayından bu artım ən azı 90 faiz olacaq. Çünki məhsulların və sairin qiymətinin qalxması növbəti ildə bazara hökmən təsir edəcək. Daxili bazarın qorunması istiqamətində bunun mənfi təsirləri olacaq. İdxal-ixrac siyasəti fonunda bu necə tənzimlənəcək? Azərbaycana digər ölkələrdən ucuz qiymətə ərzaq məhsulları gətirilməsi ərzaq təhlükəsizliyi siyasətini qorumağa imkan verəcəkmi?
Bütün bunlar ciddi problemlərdir. Ən böyük problem isə əhalinin sosial vəziyyətinin ağırlığı fonunda bu qiymətlərin artırılmasıdır. Mən hökumətdən qəti şəkildə tələb edirəm ki, qiymət artımına yenidən baxsın və əhaliyə bu artımı əsaslandırsın. Tarif Şurasında qiymət artımı və qiymət azalmasına baxılıb. Qiymət azalması yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə dekabrın 3-dən. Niyə?
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Əlbəttə, mən başqa bir məsələnin üzərində danışacaqdım, amma hörmətli İqbal bəyin qaldırdığı məsələyə münasibətimi bildirmək istərdim. Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində tariflərin tənzimlənməsi baş verir. Bunu dünyanın əksər ölkələrində görmək mümkündür. Əslində, bunu hökumət üzvləri büdcə müzakirələrində anons etmişdilər.
Qeyd olunduğu kimi, əgər yanvarın 1-dən benzinin qiymətinin qalxacağı elan olunsa idi, qarşıdakı 29 gündə nələrin baş verəcəyini təsəvvürə gətirmək çox çətin olardı. Əslində, bunun qəfilliyi, gözlənilməzliyi başadüşüləndir. Amma o dövrdə söylənilirdi ki, əhalinin elə bir təbəqəsi yaranıb ki, onların imkanları var və o sahələrin subsidiyasız işləməsi üçün dövlətin islahatlarına görə qiymət artımlarına gedilə bilər. Bunun proqnozu verilmişdi. Ancaq qeyd olunurdu ki, əhalinin aztəminatlı hissəsinin problemlərini qarşılamaq üçün hökumət müəyyən addımlar da atacaqdır. Mən 2007-ci ili xatırlayıram. Tarif Şurasının üzvləri 1 həftə sonra bu məsələ ilə bağlı insanların qarşısına çıxdılar. Müxtəlif siyasi qüvvələr bu məsələdən sui-istifadə etməsinlər deyə bu izahat verildi. İctimai həyatda, avtobusda, nəqliyyatda bu məsələlər hökumətin əleyhinə çevrilməsin deyə operativ olaraq bu məsələ ilə bağlı yetərli, əsaslı, iqtisadi göstəricilərlə izahlar vermək lazımdır.
İkinci tərəfdən, hansı kateqoriyaların maaşları artırılacaqsa, əminəm ki, hökumətin bununla bağlı da real planları var və onlar görüləcəkdir. Çünki bu zəncirvarı prosesdir. Yəni benzinin, dizel yanacağının qiymətinin qalxması avtomatik olaraq ərzaq məhsullarının da qiymətinə təsir göstərəcəkdir. Ona görə də mən bu məsələ ilə bağlı təcili addımların atılmasını təklif edirəm.
Cənab Sədr, Vilnüs sammiti ətrafında böyük ajiotaj yaradılmışdı və bunun da əsasları var idi. Sanki “kim kiminlədir”, “seçim hayanadır” kimi mürəkkəb siyasi oyunlar getməkdədir. Düşünürəm ki, Azərbaycan Vilnüs sammitindən uğurla çıxdı. Ən böyük nəticə ondan ibarət oldu ki, biz bir tərəfdən strateji kursumuzdan imtina eləmədik, o biri tərəfdən isə böyük dövlətlərin çəkişmə meydanı olmadıq. Ukraynanın taleyi sübut edir ki, liderlərin qərarı nə qədər önəmlidir. Biz Ukraynada sabitliyin tərəfindəyik, çünki o ölkənin Azərbaycanla bir sıra sahələrdə güclü əlaqələri var. Düşünürəm ki, Azərbaycanın bu yöndə addımları Rusiya ilə Avropa arasında gedən savaşın mərkəzinə düşməmək imkanı verdi. Amma mən Ermənistanın mövqeyinə təəccüb edirəm. Nədən Avropa Birliyi həmin ölkə ilə ciddi sanksiyalar dilində danışmır, təzyiqlər özünü göstərmir. Bu ölkə ki, Avropanı aldatdı.
Sədrlik edən. Sağ olun. Deyirsiniz ki, bu ölkə Avropanı aldatdı. Avropa deyir ki, erməni xalqı yazıq xalqdır, ona kömək eləmək lazımdır. Bu istiqamətdə də gedir. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, qiymət artımından sonra əhalidə yaranmış stressin ortadan qaldırılması üçün dostum hörmətli Zahid Orucun çıxışının birinci hissəsini çoxaldıb yaymaq lazımdır. Məncə, bunu əsaslandırmağın heç bir izahı yoxdur.
Bazar iqtisadiyyatında, təbii ki, qiymət artımı olmalıdır, ancaq hökumət vətəndaşla gizlənqaç oyunu oynamamalıdır. Əvvəlcədən vətəndaşı buna hazırlamaq lazımdır. Qiymətlərin artımına uyğun olaraq da əmək haqları, pensiyalar artırılmalıdır. 125 manatlıq yaşayış minimumu, 100 manatlıq ehtiyac meyarı ilə vətəndaşın avtomobil idarə etməsi imkanları, demək olar ki, ortadan qalxır. Hələ yemək, geymək məsələlərini bir kənara qoyaq.
Məncə, bu hökumətin siyasəti vətəndaşın marağını nəzərə almır. Əvvəlcədən aztəminatlı insanların necə yaşayacağını proqnozlaşdıra bilməyən hökumətin, həqiqətən də, Tarif Şurası vasitəsi ilə təqdim elədiyi qiymətlər çox böyük fəsadlar törədəcəkdir. Bu ona gətirib çıxarar ki, artıq Azərbaycanda yolların, körpülərin tikintiləri dayandırılmalı, velosiped yolları çəkilməli, piyada yolları genişləndirilməlidir. Çünki bundan sonra insanların bu qiymətlərlə avtomobil idarə eləməsində böyük problem olacaq. Neft ölkəsiyik, amma benzinin qiyməti nefti olmayan ölkələrdən bahadır. Bu cəmiyyət indi neftin faydasını görməlidir. Gələcəyə nə saxlayırıqsa, saxlayaq, amma gələcək sağlam nəsil üzərində olmalıdır. Ona görə də mən hökumətin bu siyasətini doğru hesab eləmirəm və tənqidi iradımı bildirirəm.
İkinci, mən də hesab edirəm ki, Vilnüs sammiti Azərbaycanın xarici siyasətinin çox uğurlu addımlarından biridir. Kaş ki, cənab Prezidentin xarici siyasətdə göstərdiyi bu uğuru hökumət Azərbaycanın daxili siyasətində tətbiq edəydi və vətəndaşa münasibətində bunu təsdiqləyərdi. Rusiya Prezidenti Putin Ermənistana səfəri zamanı Azərbaycana mesaj  yönəltdi, bir sıra məsələlərdə Azərbaycanı təhdid elədi. Hərbi bazadan bəzi məsələlərdə Ermənistana dəstək verəcəyini açıq şəkildə bildirdi. Azərbaycan hökumətinin xarici siyasətdə bu cür manevr etməsi, həm Avropa, həm də Rusiya ilə münasibətlərini zədələmədən belə bir addım atması təqdirəlayiqdir. Biz bu siyasəti yalnız kiçik epizodlarla yekunlaşdırmamalıyıq. Ukrayna hadisələri göstərdi ki, yenə də nicat Avropadadır. Yenə də bizim Rusiya ilə dərindən inkişaf eləyən münasibətlərimizin gələcəyi olmayacaq. Ukrayna xalqı bunu göstərdi. Ona görə mən bunu diqqətə almağı çox istərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən çıxışımı Vilnüs sammiti ilə başlamaq istəyirəm, çünki bu cür böyük bir hadisədən sonra bəzi həmkarlarım istəyirlər ki, daxildə özlərinə tərəfdar toplamaqdan ötrü bəzi məsələləri ortaya atsınlar. Bu, Azərbaycanın xarici siyasətində növbəti bir uğur, vaxtilə ümummilli lider tərəfindən qoyulmuş balanslaşdırılmış siyasətin bariz nümunəsi idi. Bunu açıq-aşkar görürük. Azərbaycanın bütün qurumlarla beynəlxalq əməkdaşlığı davam edir və ayrı-ayrı dövlətlərlə yaxın qonşuluq münasibətləri saxlanılıb. Azərbaycan bir daha göstərdi ki, ona heç kəs nə isə diktə edə bilməz. Azərbaycan beynəlxalq qurumlarda ancaq xalqının maraqları çərçivəsində təmsil olunur.
Burada qiymət artımı ilə əlaqədar bir neçə fikir söyləndi. Mən bu çıxışlara qulaq asanda belə başa düşdüm ki, Azərbaycan dövləti xalqın taleyini deyəsən Fazil Mustafadan az düşünür və yaxud da bunu təhlil etmir. Təbii ki, bunların hamısı təhlil olunur, ölçülür, biçilir. Bunun nəticəsi olaraq da, istər büdcənin müzakirəsində, istərsə də maliyyə nazirinin çıxışında dəfələrlə deyildi ki, gələcəkdə bu məsələlərə baxıla bilər. Yəni artıq cəmiyyətə məlumat verilir ki, təhlillər aparılır və bu addım atıla bilər.
Digər tərəfdən, dünyada büdcəyə ən çox vəsait rabitə xərclərindən gəlir, sıralamada ikinci yeri tutur. Hər bir ölkədə belədir. Bizdə bunun tarif dərəcələri xeyli dərəcədə aşağı salınıbdır. Əhalinin böyük əksəriyyəti rabitə ilə bilavasitə bağlıdır, nəinki nəqliyyatla. Bir müddət öncə cənab Prezidentin əmək haqlarının və pensiyaların artımı ilə bağlı sərəncamı oldu. Bu proses ardıcıllıqla davam edəcək. Bu, tənzimlənən bir məsələdir.
Yaxud da bu yaxınlarda kənd təsərrüfatı məhsullarına müddətli vergi güzəştləri tətbiq olundu, güzəştli yanacaq məsələsi ortaya qoyuldu. Bunlar hamısı onun kompensasiyasıdır. Yəni bunların  hamısı təhlil olunub ortaya çıxarılmalıdır. Bu gün neft gəlirlərindən sosial sahələrin inkişafına kifayət qədər vəsait sərf olunur, xəstəxanalar, məktəblər tikilir, körpülər, yollar salınır və sair. Hesab edirəm ki, həmkarım hörmətli Fazil müəllim də neftdən gələn gəlirlərdən heç də digərlərindən az istifadə eləmir. Ona görə də burada neftdən gələn gəlirlərlə bağlı fikir söyləyəndə ölçüb-biçib sonra danışmaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma Fazil müəllim bir yaxşı təklif verdi. Ziyanlı təklif deyil. Velosiped sürmək pis iş deyil, dünyanın hər yerində sürürlər. Parisdən, Fransadan başlamış bütün ölkələrdə velosiped sürürlər. Bunu bir az məzə olsun deyə dedi, ancaq bu, pis təklif deyil. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Şərq Tərəfdaşlığı Zirvə Toplantısında Azərbaycanın imzaladığı sənədlər, əslində, Azərbaycan gəncliyi üçün çox gözəl perspektivlər açır. Mənə elə gəlir ki, bu istiqamətdə digər zəruri addımların atılmasına ehtiyac var. Söhbət ondan gedir ki, Azərbaycan gəncləri üçün Avropanın qapıları açılırsa, viza rejimi dəyişirsə, deməli, tələbə mübadiləsi, ümumiyyətlə, ali təhsil sistemində islahatlarla bağlı məsələlər sürətlənməlidir. Bu istiqamətdə Milli Məclisin də müəyyən məsuliyyəti var. İndiyə qədər Ali təhsil haqqında qanun müzakirə edilməyib. Mənə elə gəlir, biz bu prosesi sürətləndirməliyik ki, Azərbaycanın ən azı “Şərq tərəfdaşlığı” Proqramındakı çox uğurlu siyasəti xalqımızın digər sahələrdən də bəhrələnməsinə imkan yaratsın.
Mən də hörmətli millət vəkillərinin yanacağın qiymətinin qaldırılması ilə bağlı narahatlıqlarına qoşuluram. Mənə elə gəlir ki, ümumiyyətlə, sosial problemləri önə çəkərək ölkəmizə bu istiqamətdə təzyiqlər edilməsi mümkün ola bilər. Yanacağın qiymətini tələsik yox, müvafiq plana, ümumi sistemə, siyasətə uyğun qaldırmaq lazım idi. Tam aydındır ki, yanacağın qiyməti qalxırsa, deməli, zəncirvarı olaraq digər sahələrdə də qiymətin artımı ilə rastlaşacağıq. Bu da cəmiyyətdə sosial gərginliyi artıra bilər. Bununla əlaqədar müəyyən kateqoriyadan olan vətəndaşlar, əlillər üçün yanacağın qiymətində bəzi güzəştlər edilsə, bu çox ədalətli olardı və aztəminatlı təbəqənin hüquqları qorunardı. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Ukraynada baş verən proseslər  onu göstərir ki, keçmiş SSRİ məkanında vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin fəaliyyəti artır. Rusiya rəhbərinin Ermənistana səfəri zamanı da müəyyən mesajlar verildi.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də deputat həmkarlarım kimi, Vilnüs sammitinin nəticələrini Azərbaycan üçün uğurlu hesab edirəm və düşünürəm ki, Azərbaycan bundan sonra da Rusiya ilə münasibətlərin gərginləşməsinə yol verməməlidir. Ona görə ki, torpaqlarımızın işğal altına düşməsi məhz Rusiyanın dəstəyi ilə olub. Ona görə də biz bu problemi Rusiya ilə çözməliyik. Hər zaman söyləmişəm ki, Ermənistan faktiki heç nəyi həll etmir. Ona görə də Azərbaycan çalışıb Rusiya ilə bu problemin həlli istiqamətində də dil tapmalıdır. Biz bilirik ki, dünyada həm İslamafobiya, həm də xristian həmrəyliyi var. Ona görə də Avropa və Amerika Birləşmiş Ştatları hər zaman haqsız olan Ermənistanı dəstəkləyiblər, amma daim bildiriblər ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Oxşar problemi yaşayan Moldova və Gürcüstanla bağlı isə tamamilə fərqli mövqe ortaya qoyublar. Ona görə də mən hesab edirəm ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərinin inkişafında maraqlı olmalıdır.
Qiymət artımı ilə bağlı bir-iki kəlmə söyləmək istəyirəm. Doğrudan da, Bakı şəhərində avtomobillərin sayı günbəgün artır. Hər il Azərbaycana yüz minə qədər minik avtomobili daxil olur. Bu da, sözsüz ki, əhalinin alıcılıq qabiliyyətinin göstəricisidir. Mən düşünürəm ki, 95 markalı benzinin qiymətinin artırılması, ola bilsin ki, doğrudur, çünki bahalı avtomobillərdə bu yanacaqdan istifadə edirlər. Yəni imkanlı insanlar qoy daha çox vəsait ödəsinlər. Amma kənd təsərrüfatında istifadə olunan dizel yanacağının qiymətinin 45 qəpikdən 60 qəpiyə, yəni 33 faiz qaldırılması doğru deyil. Bir tərəfdən kənd təsərrüfatını inkişaf etdirmək istəyirik, digər tərəfdən dizel yanacağının qiymətini 33 faiz qaldırırıq. Mən hesab edirəm ki, bu, kənd təsərrüfatının inkişafına zərbə vuracaq. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının qiymətlərində kəskin artım özünü göstərəcək. Ona görə hökumət bu siyasətə yenidən baxmalı, dizel yanacağının qiyməti aşağı salınmalıdır.
Bilirsiniz ki, Bakı şəhərində ictimai nəqliyyatla bağlı vəziyyət heç də ürəkaçan deyil. Metroda, ictimai nəqliyyatda sıxlıq var. İctimai nəqliyyatda vəziyyəti düzəltmədən birdən-birə benzinin qiymətinin qaldırılmasını doğru hesab eləmirəm. Bakı şəhərində tramvay xətlərinin çəkilişinə təcili surətdə başlamaq lazımdır. Gəncədə bu iş görülür. Bakının bir hissəsində, yeni salınan “Ağ şəhər”də yeni tramvay xətlərinin çəkiləcəyi barədə fikirlər var.
Sədrlik edən. Hamı yanacağın qiymətinin artımından və kənd təsərrüfatından danışdı. Hamınız bilirsiniz ki, kənd təsərrüfatına yanacaq güzəşti edilir, dotasiya verilir. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də qiymət artımı ilə bağlı məsələyə toxunmaq və təkliflə çıxış etmək istəyirəm. Keçən dəfə belə bir əsaslandırma oldu ki, bu sektorda işləyənlərin əmək haqqını artırmaq üçün, ola bilər, qiymətlər artırılsın.  Amma bununla bağlı qabaqlayıcı tədbirlər görmək mümkündür.
Biz həmişə beynəlxalq təcrübəyə istinad edirik, bu məsələ ilə bağlı da təcrübə var. Məsələn, limit sistemi tətbiq etmək olar. Bütün avtomobil sahiblərinə ayda əvvəlki qiymətlərlə 250–350 litr civarında talon və ya kart vermək mümkündür. Əlavə işlədilən yanacaq isə yeni qiymətlərlə verilər. Belə məsələ var, qonşu ölkələrdə tətbiq olunur. Məsələn, İranda var. Bu limit sistemi tətbiq olunarsa, həm əhali yanacaqdan qənaətlə istifadə edər, həm də narazılıq xeyli azalar. Ona görə bu sistem haqqında düşünmək olar. Ola bilsin, mən bunu bir az kobud şəkildə dedim, onu cilalanmış şəkildə, yeni formada tətbiq eləmək mümkün olsa, iqtisadi cəhətdən o qədər zərərli şeylər olmaz.
Oqtay müəllim kənd təsərrüfatı sahəsinə yanacaqla bağlı edilən güzəştlərdən danışdı. Bu sahəyə bir az da güzəşt eləməklə vəziyyəti dəyişmək imkanı var. Amma elektrik enerjisi istehsal eləyən müəssisələrə də yanacağın satılmasında qiymət artımı məsələsi vardır. Bunun özü gələcəkdə elektrik enerjisinin baha satılmasına gətirib çıxaracaqdır. Məncə, o məsələyə də baxmaq və əhalinin əlavə yüklənməsinin qarşısını almaq mümkündür. Mən də o fikirdəyəm ki, kompensasiya ilə məsələni tənzimləmək lazımdır. Tarif Şurasının yenidən qiymət siyasətinə baxacağını real hesab eləmirəm. Düşünürəm ki, buna baxmayacaqlar. Yenə əvvəlki təklifimə qayıdıram ki, dünyada limit sistemi vardır və onu ölkəmizdə tətbiq eləmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Yanacağın qiymətinin bir qədər qalxması gündəmdə olan əsas məsələdir. Müxalifətdən olan deputat həmkarlarımız da bu məsələni qaldırdılar. Əsas arqument bunu gətirdilər ki, Azərbaycan neft istehsal eləyən ölkədir, nəyə görə bizdə qiymət qalxmalıdır. Mən yadınıza salıram ki, Böyük Britaniya, Norveç və Danimarka kimi ölkələrdə neft çıxır, o da ölkədaxili yanacağa olan tələbatı tam ödəyir. Amma nədənsə onlarda qiymət heç də aşağı deyil və bütün Avropa ölkələrində olduğu kimi, 2–2,5 avrodur. Azərbaycanda isə qiymət artandan sonra benzinin 1 litri cəmi 82 sent olub. Göründüyü kimi, ölkədə neft istehsalının olması əsas arqument ola bilməz.
Yanacağın qiymətinin qalxması ilk növbədə daxili bazarın qorunmasından irəli gələn bir məsələdir. Qeyd edim ki, əgər əvvəlki dövrlərdə öncə yanacağın qiyməti, sonra əmək haqqı və digər ödənişlər qalxırdısa, indi əksinədir. Axırıncı dəfə 2007-ci ildə yanacağın qiyməti qalxıb. Keçən 6 il ərzində hökumətin bizə verdiyi hesabatdan gördük ki, əmək haqqı, pensiya, müavinətlər kifayət qədər qalxıb. Yəni Azərbaycan hökuməti bu baxımdan qiymət artımının anonsunu vermişdi.
Digər tərəfdən isə bunun ağrısız keçməsi üçün xeyli əvvəldən müvafiq tədbirlər görülmüşdür. Həmçinin nəzərə alaq ki, qiymət artımından gələn gəlir büdcəyə yönəldiləcək, o da öz növbəsində hərbi, səhiyyə, mədəniyyət, incəsənət, təhsil xərclərinizin ödənilməsində vacib rollardan birini oynayacaq. Mən deməzdim ki, qiymət artımı Azərbaycan cəmiyyətinə çox ciddi təsir edir. Bəli, müəyyən qədər təsir edir, amma bunun üçün əvvəldən qabaqlayıcı tədbirlər görülüb. Bunun nəticəsində qiymətin müəyyən qədər artması, hesab edirəm ki, ağrısız ötəcək.
Oqtay müəllim, ötən həftə Milli Məclisin komitə sədri Arif Rəhimzadə ilə birlikdə  Tatarıstanın paytaxtı Kazan şəhərində səfərdə olduq, böyük bir tədbirdə iştirak elədik. Orada yerli diaspor nümayəndələri ilə görüşdük və onların Tatarıstanda böyük nüfuza malik olduğunu gördük. 40 minə qədər azərbaycanlı idarəetmə, hüquq mühafizə orqanlarında, biznes və digər sahələrdə çalışır. Cəmiyyətdə nüfuz sahibləridir, tatar və rus xalqları ilə çox yaxşı münasibətləri var.
Bu yaxınlarda yerli diaspor təşkilatının sədrini respublikanın Prezidenti Rüstəm Minnixanov qəbul edib və diasporumuzun fəaliyyətinə yüksək qiymət verib. Azərbaycan diasporu Tatarıstanda özünü həm oranın qanuna hörmət edən vətəndaşı kimi hiss edir, həm də Azərbaycanla sıx əlaqələri vardır. Onlar Azərbaycanda gedən prosesləri izləyir və Azərbaycanla fəxr etdiklərini bildirirlər. Bir nümunədə mən Azərbaycan diasporunun müsbət fəaliyyətini...
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, hörmətli Sədr. Bu günlərdə mən bir sıra rayonlarda oldum və kənd təsərrüfatına qayğının artması ilə bağlı əhalidən razılıqlar eşitdim. Torpaqların əkilməsi üçün müəyyən vəsait ayrılır, yanacağa güzəşt edilir və sair. Doğrudan da, bu məni sevindirdi. Amma bunun müqabilində dağ rayonlarında texnikanın azlığı çox ciddi problem yaradır. Dövlətin yardımı ilə torpağa qayıtmaq meyilləri artıb, amma deyirlər ki, yaxşı, biz sonra bu məhsulu hansı texnika ilə yığacağıq? Rayonlarda, kəndlərdə taxılbiçən maşınlar, demək olar ki, yoxdur. Buna görə də dağ rayonları üçün kiçik kənd təsərrüfatı müəssisələrinin yaradılması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır.
Bəli, cəmi 2 gün öncə mən orada əhalinin xoş əhvalını gördüm. Bu gün isə təsəvvür edirəm ki, yanacağın qiymətinin artması onlara necə təsir bağışlayacaq. Bəzi dostlarımız burada bizi Avropa ilə, dünya ilə müqayisə edirlər və deyirlər ki, Avropada da, dünyada da benzinin qiyməti yüksəkdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də, Avropada da bizdən 2–3 dəfə çoxdur. Amma nəzərə alın, Avropada insanların əmək haqqı bizdən 10–15 dəfə, bəzi yerlərdə 20 dəfə artıqdır. Dünya qiymətlərinə  yaxınlaşmaq istəyiriksə, amma bunun o biri tərəfini nəzərə almırıqsa, bu, məntiqsizlikdir. Bu onu göstərir ki, məsələyə kompleks yanaşmırıq. Mən bunu demək istəyirəm.
İkinci, təkcə yanacaq məsələsində deyil, kommunal xərclərlə bağlı da sıxıntılar yaşayırıq. Hansı təşkilat istəyirsə, “bunun maya dəyəri çoxdur, mən buna uyğun olaraq qiyməti artırıram” deyir. Qiyməti artıranlar nəzərə almırlar ki, bu insanın o vəsaiti vermək imkanı var, yoxsa yoxdur. Azərbaycanın bir rayonuna gedib-gələndə bir təqaüdçünün təqaüdündən, yaxud minimum əmək haqqından bir az artıq benzinə pul verməliyəm. Milli Məclis zəhmət çəksin, benzin xərclərimizi versin. Əks halda bizim rayonlarla əlaqəmiz kəsiləcək. 3–4 dəfə gedib-gəlməyə Milli Məclis deputatının maaşı yetməyəcək. Çox sağ olun.
Sədrlik edən. Deməli, bu məsələlər keçən dəfə də qalxdı. Mən deputatlara bir sual vermək istəyirəm. Siz Milli Məclisə deputat seçiləndə bəlkə bir öhdəlik götürülmüşdü ki, hər bir millət vəkilinə maşın, sürücü veriləcək? Belə bir öhdəlik olmuşdu? Son zamanlar bu, dəbə düşüb, danışırlar.
İkincisi, təkliflər olur, biz bu məsələlərə baxacağıq. Deputatın təminatı üçün pul da ayrılır. O vəsait indiyə kimi iki dəfə artıb. Bu artımdan sonra yenə də deyirlər ki, bu azdır, çatmır. Siz millət vəkillərisiniz, xahiş edirəm, əvvəl diqqətlə fikirləşin, sonra danışın.
Yaxşı, bu məsələyə bir də qayıdarıq. Qənirə Paşayevaya da söz verək, sonra gündəliyə keçək. Buyurun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün Beynəlxalq Əlillər günüdür. Mən əhalimizin təxminən 5,5  faizindən çoxunu təşkil edən əlillərin, onların hüquq və problemləri ilə məşğul olan təşkilatların xahiş və təkliflərini burada səsləndirmək istəyirəm.
Qeyd etmək istəyirəm ki, ölkəmizdə 425 min əlil, o cümlədən 61 min əlil uşaq var   ki, rəsm statistikaya  görə  onlar ölkə  əhalisinin  5,5   faizindən çoxunu   təşkil  edir.  2013-cü  il   üçün   ölkə   üzrə   yaşayış   minimumu   116
manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma I qrup əlillərə verilən müavinət 67 manatdır. Yəni bu məbləğ ölkə üzrə yaşayış minimumundan çox aşağı səviyyədədir. Onların xahişi budur ki, qanunvericiliyə görə I qrup əlillər işə qəbul oluna bilmədikləri üçün 2014-cü ildə onlara verilən pensiya və müavinətlər ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılsın. Bu məsələyə qanunverici orqanın da, hökumətin də baxmasını xahiş edirlər.
İkinci deyəcəyim məsələ əlil arabaları ilə bağlıdır. Ölkəmizdə çox gözəl bir tendensiya gedir, əlillərin əlil arabaları ilə təminatı məsələsi ildən-ilə daha da yaxşılaşır. Bu, təbii ki, dövlətin apardığı sosial-humanitar siyasətin nəticəsidir. Amma təbii ki, əlil arabalarına ehtiyac böyükdür. Amma ən önəmlisi onlar nəyi xahiş edirlər? Dövlət əlil arabaları ilə onları təmin edir, amma bunlar elə arabalardır ki, onları hərəkət etdirmək üçün mütləq başqa bir şəxsə ehtiyac var. Onsuz da dövlət o vəsaiti verib, əlil arabalarını alır. Xahiş edirlər ki, ondan bir az baha olan motorlu əlil arabaları alınsın ki, heç kəsə ehtiyac olmadan özləri hərəkət edə bilsinlər. Bu da əlillərin daha rahat şəkildə cəmiyyətə inteqrasiya olmasına geniş imkanlar yaradar. Xahiş edirlər ki, dövlət bu məsələdə onlara kömək etsin. 
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Müzakirəyə 3 dəqiqə vaxt ayrılıb, amma hamınız belə geniş çıxış hazırlayırsınız. Yaxşı olardı ki, bu məsələni büdcə müzakirə olunanda qaldıraydınız. Hökumətin hesabatında bir də o məsələləri qaldırarıq, baxarıq.
Gündəliyə keçirik. Gündəliyin 1-ci məsələsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə uyğun olaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Sözügedən qanunun  təcrübədə tətbiqi zamanı ortaya çıxan bir sıra məqamlar, xüsusən də həmin qanunun birmənalı başa düşülməyən müddəalarının müxtəlif yanaşmalara səbəb olması, həmçinin mövcud olan bir sıra boşluqlar bu dəyişikliyin edilməsini zəruri etmişdir.
Qanuna edilən dəyişiklik, əsasən, sığorta hadisələrinin məzmununu konkretləşdirmək məqsədi daşıyır. Qanun layihəsinin 1-ci maddəsində “qanunu”  sözü “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilir. “Sığorta hadisələri və ödənişləri” adlı 5-ci maddənin mətnində belə bir dəyişiklik edilir: “Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətində verilir: sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – 100 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə – 100 faiz;  sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) – 100 faiz; hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunan təyin olunduqda: birinci qrup əlilliyə görə – 80 faiz; ikinci qrup əlilliyə görə – 60 faiz; üçüncü qrup əlilliyə görə – 40 faiz müəyyən edilir.
“Sığortanın aparılması qaydası” adlanan 6-cı maddəyə yeni hissə əlavə olunur: “Hərbi qulluqçuların  dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayrılmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir”.
7-ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin və üçüncü hissəsinin qüvvədə olan redaksiyasına “hərbi bilet (yaxud onu əvəz edən sənəd)” sözləri əlavə edilir. Eyni zamanda, birinci hissənin “b” bəndinə aşağıdakı məzmunda üçüncü yarımbənd əlavə olunur: “sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət alması (yaralanma, travma, kontuziya) faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının notariat qaydasında və ya “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti”.
Nəhayət, “Sığorta ödənişinin verilməsindən imtina” adlı 8-ci maddəyə “alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda” sözləri əlavə olunur.  Millət vəkillərindən xahiş edərdik ki, bu dəyişikliklər yuxarıda dediyim səbəblərlə əlaqədar olduğundan bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın müəllim, əlavəniz varsa, buyurun.
A.Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəs sədrinin müavini.
Təşəkkür edirəm, Oqtay müəllim. Bu qanun layihəsinə Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin 26 sentyabr tarixli iclasında baxılıb və müzakirəyə tövsiyə edilib. Sağ olun.
Sədrlik edən. Əgər başqa sual yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr
(saat 13.00 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, icazə versəniz, ikinci və üçüncü məsələləri birgə məruzə edərdim, çünki hər ikisi Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlıdır.
Miqrasiya Məcəlləsinə cənab Prezident tərəfindən dəyişikliklər təklif olunub. Bu dəyişikliklərin kökündə son vaxtlar qəbul etdiyimiz, müasir standartlara cavab verən Miqrasiya Məcəlləsi durur. Biz əcnəbilərin Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada çıxarılmasının əsaslarını Miqrasiya Məcəlləsində xüsusi olaraq qeyd etmişdik. Həmin məcəlləyə görə əgər əcnəbilər bir ildən artıq müddətə azadlıqdan məhrum olunublarsa və həm də əlavə cəza növü kimi respublikanın hüdudlarından kənara məcburi çıxarılma cəzası varsa, onda onların cəzalarını çəkdikdən sonra Azərbaycandan kənara məcburi çıxarılması proseduru mövcuddur.
Eyni zamanda, burada məcburi çıxarma prosedurunun hansı şəxslərə şamil olunmaması ilə bağlı müddəalar qeyd olunub. Bunlar 52.2-ci maddədə öz əksini tapıb. Belə ki, bu cəza yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və I qrup əlil olan şəxslərə şamil olunmur.
Həmçinin qeyd etmək istəyirəm ki, Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər də Miqrasiya Məcəlləsi ilə bağlıdır. Əsas etibarilə həbs qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda əcnəbilərin müalicə və ya digər zərurətlərlə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması proseduru burada öz əksini tapıb. Onlar əvvəlcədən bu barədə prosessual qaydada məlumatlandırılmalıdırlar. Həmçinin cəzaları icra edən müəssisə və orqanların təqdimatı əsasında hökmün və məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsi, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından  kənara  məcburi çıxarma proseduru da qeyd etdiyimiz kimi, məhz Miqrasiya Məcəlləsində öz əksini tapıb. Beləliklə, həm Cinayət Məcəlləsinə,   həm   də  Cinayət-Prosessual   Məcəlləsinə   edilən  dəyişikliklər
yeni qəbul etdiyimiz Miqrasiya Məcəlləsinə uyğunlaşdırılma məqsədi daşıyır. Odur ki, millət vəkillərindən hər iki layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Mən Cinayət Məcəlləsinin 52-ci maddəsinə edilən dəyişikliklə bağlı öz fikrimi bildirmək istəyirəm. 52.1-1-ci maddədə qeyd olunur ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Amma beynəlxalq təcrübədə belədir ki, hətta inzibati hüquqpozmalar törətmiş şəxslər belə ölkədən çıxarılandan sonra onların müəyyən müddətə həmin ölkəyə gəlməsi qadağan olunur. Adi viza rejiminin pozulmasına görə görürsən ki, həmin şəxsi 5 il o ölkəyə buraxmırlar. Belə çıxır ki, kimsə gəlib burada cinayət törədir, ölkədən çıxarılır və cəza müddəti başa çatandan sonra yenidən Azərbaycana qayıtmaq hüququ əldə edir. Buna görə də təklif edirəm, yazılsın ki, ölkədən məcburi qaydada çıxarılmış şəxslərin məhkumluğu ödənildikdən sonra 5 il ərzində Azərbaycana girişi məhdudlaşdırılır. Yəni hətta cəzasını çəkib qurtarandan sonra da həmin şəxs 5 il Azərbaycana gələ bilməz. Mən düşünürəm ki, bu həm beynəlxalq təcrübəyə uyğundur, həm də daha ədalətli bir yanaşmadır.
Oqtay müəllim, bu yaxınlarda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, müavini Rövşən Rzayev və Fazil Mustafa ilə birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində olduq. Həmin idarənin əməkdaşlarının fəaliyyəti üçün ideal bir şərait yaradılıb. İş də çox yüksək səviyyədə təşkil olunub. Qaynar xəttə daxil olan şikayətlərin qəbul olunması, müvafiq tövsiyələrin, hüquqi məsləhətlərin verilməsi yüksək səviyyədədir. Amma rəhbərliklə görüş zamanı bir məsələ qalxdı. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsi – rüşvət verməklə bağlı idi.
Biz bilirik ki, Konstitusiyaya görə qanunların təfsirini, izahını yalnız Konstitusiya Məhkəməsi verir. Konstitusiya Məhkəməsi buna izah verməlidir və biz bu normanı elə yazmalıyıq ki, praktik işlər üçün hər şey aydın olsun. Məsələn, hazırda Azərbaycanda rüşvət almaq çox geniş yayılıb. Amma rüşvət vermək də var. Bir çox hallarda rüşvət təklifi ilə vətəndaşlar dövlət məmurlarını özləri yoldan çıxarırlar. 312-ci maddənin qeyd hissəsində yazılıb ki, rüşvət vermiş şəxs bu barədə hüquq mühafizə orqanlarına könüllü şəkildə məlumat verirsə, o, məsuliyyətdən azad olunur. Ona görə də heç kim rüşvət verməyə qorxmur. Deyir, rüşvət verirəm ki, işim düzəlsin, düzəlməsə, gedib şikayət edəcəyəm. Həmin şəxs də pulumu qaytarmasa, artıq rüşvət verməyə görə deyil, dələduzluğa görə cinayət işi qaldırılacaq. Dələduzluğa görə də əgər başqasının vəsaiti mənimsənilibsə, geri qaytarılmalıdır.
Mənim söyləyəcəyim məsələnin mahiyyəti nədən ibarətdir? Şəxsin rüşvət vermə faktına görə məsuliyyətdən azad olunması bu cinayətin, yəni faktın ortada olmaması demək deyil. Burada, sadəcə olaraq, bu norma düzgün tətbiq olunmalıdır və vətəndaşlar rüşvət verməkdən çəkinməlidirlər. Cinayət işi də dələduzluğa görə yox, rüşvət verməyə görə qaldırılmalıdır. Dediyim kimi, verilmiş məbləğ də dövlətin nəfinə müsadirə olunmalıdır. Güman edirəm, ya biz bu normaya yenidən  baxmalıyıq, ya da Konstitusiya Məhkəməsi mütləq bunun şərhini verməlidir ki, hüquq mühafizə orqanlarının, xüsusilə də Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu istiqamətdə apardığı işin səmərəsi olsun. Əks halda vətəndaşlar rüşvət təklif etməkdən və verməkdən çəkinməyəcəklər.
Prezident həmin binanın açılışında iştirak etdi və orada dedi ki, bu istiqamətdə ciddi mübarizə aparılmalı, Azərbaycanda rüşvətxorluğun kökü kəsilməlidir. Əlbəttə, bu, sosial bəladır, dünyanın heç bir ölkəsində bunun qarşısını almaq mümkün deyil. Amma hesab edirəm ki, mübarizənin gücləndirilməsi üçün mütləq ya Konstitusiya Məhkəməsi 312-ci maddənin təfsirini verməli, ya da Milli Məclis bu normanı yenidən qəbul etməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dediyiniz məsələdə bir həqiqət də var. Rüşvət rüşvətdir, bunun könüllüsü, könülsüzü olmaz. Əli müəllim, komitədə bu məsələlərə bir də baxın. Həqiqətən, rüşvət rüşvətdir. Necə yəni, könüllü, ya könülsüz rüşvət olar? Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinə səs verəcəyəm, amma bir neçə məsələni aydınlaşdırmaq istəyirəm. Burada qeyd olunur ki, müalicə və ya digər zərurətlə bağlı respublikanın hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır. Amma burada bir sıra məqamlar nəzərə alınmalıdır. Adamın barəsində istintaq gedir, amma ürək xəstəliyi ilə bağlı təcili Türkiyəyə götürülməlidir. Səhiyyə sistemimizdə problem olduğuna görə millət vəkilləri, bütün imkanı olan şəxslər xarici ölkələrə müalicəyə getməyə məcburdurlar. Yaxşı, şənbə və ya bazar günü bu necə olmalıdır? Yaxud da bu məlumatı vermək hansı formada olmalıdır? Vəfat edən şəxs var, onun ardınca hara isə getməlidir və sair. Yəni bunun bir mexanizmi düşünülməlidir ki, şəxs əgər başqa niyyətlə ölkəni tərk etməyibsə, müəyyən bəhanə gətirərək onun haqqında hər hansı bir şəkildə başqa prosedurlar həyata keçirilməsin.
Bir də, Əli müəllim, burada qeyd olunub və təbii ki, bu, düzəliş deyil. Həbs və ona alternativ qətimkan tədbirləri. Məncə, bu “alternativ qətiimkan tədbirləri”ni yavaş-yavaş Cinayət-Prosessual Məcəlləsindən çıxarmaq lazımdır.
Baxın, ötən günlərdə biz televiziyada – ANS kanalında bir məsələni gündəmə gətirdik. Deputat həmkarım Qüdrət Həsənquliyev də o mövzuya münasibətini bildirdi, mən də fikirlərimi açıqladım. Girov məsələsini deyirəm. Dünyanın bütün mütərəqqi, demokratik, inkişaf etmiş ölkələrində girov həbsə alternativ cəza kimi nəzərdə tutulubdur. İnsanlar bunu ödəyirlər və bu müddətdə də boşuna həbsxanada yatmırlar. Sabah onun barəsində qaldırılan cinayət işi sübuta yetirilərsə, məhkum olunacaqdır. O müddət də onun azadlıqdan məhrum edilmə müddətinə aid ediləcəkdir. Amma bu bizdə bir dəfə də olsun tətbiq olunmayıbdır.
Cinayət-Prosessual Məcəlləsinin 154 və 164-cü maddələrində yazılır ki, bu, qətimkan tədbiri olaraq ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətlər törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamda qalmasını təminetmə məqsədi ilə edilir. Nə oldu, bu ölkədə elə hamı həbsdə oturmalıdır? Yəni bizim artıq bir mədəni hüquq sisteminə qayıdışımıza ehtiyac var. Bəraət hökmü çıxarılmır. Çox cüzi sayda bəraət olur. Dünyanın heç bir yerində belə şey yoxdur. Biz dəfələrlə qeyd etmişik, Amerika Birləşmiş Ştatlarında 40–50 faiz bəraət hökmü çıxarılır. Yəni ən azı istintaqın səhvlərini məhkəmə ortadan qaldırır. Necə ola bilər ki, istintaqın gəldiyi nəticə 99 faiz düz olur. Onda məhkəməyə nə ehtiyac var? Elə istintaq orqanı yetərlidir də. Yəni elə orada məsələ həll olunar və bu işlərin məhkəməyə çıxarılmasına da ehtiyac qalmaz.
İkinci, girov məsələsini ona görə alternativ cəza kimi deyirəm ki, bu, vətəndaş üçün bir riskdir. Məsələn, məhkəmələrin müstəqillik səviyyəsini bilirik. Onsuz da adama istədiyi cəzanı verəcək. Girov qoyan riskə gedir. Bunu həbs edəcəklərsə, edəcəklər. Amma o, 50–100 minini qoyursa, bu şərtləri əlverişli etmək lazımdır. Rusiyada, MDB ölkələrində belə, bu, geniş yayılıb və normal tətbiq olunur. Niyə biz bunu etməyək? Biz bunu tətbiq etməklə həm insanların əsassız olaraq həbsdə yatmasının qarşısını ala bilərik, həm də insanlara imkan verərik ki, ailəsi gündə həbsxanaya yemək daşımasın, bütün nəslin planları pozulmasın, insanlar sıxıntıya düşməsinlər. Ona görə də bu hüquqi mexanizmləri, məncə, hərəkətə gətirmək lazımdır.
Əli müəllim, bu işləməyən ölü maddələri diriltmək lazımdır. Oqtay müəllim, bu, sovet dövründə ona görə tətbiq olunmurdu ki, bu, bərabərliyi pozur deyirdilər. Çar Rusiyası dövründə var idi. Yəni məsələ nə idi? Burjua cəmiyyətində buna normal baxılır. Sovet cəmiyyətində isə düşüncə belə idi ki, kimin pulu varsa, deməli, o, həbsdə yatmayacaq, amma pulu olmayan yatacaq. Onda alternativ sual ortaya çıxır. Bəyəm biz o cəmiyyətdə yaşayırıq? Hamı villasının hündürlüyünü eyni etsin, maşınını eyni qiymətə alsın. Biz belə cəmiyyətdə yaşamırıq axı. Təbii ki, diferensiasiya olmalıdır, çünki insanların gəlir səviyyəsi fərqlidir. Ona görə də sosialist düşüncəsi ilə məsələyə yanaşıb bunu ölü maddə kimi saxlamağın, məncə, bir mənası yoxdur. Mən xahiş edirəm, bu məsələ üzərində düşünək və bu ölü maddələrin canlandırılması yollarını tapaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Siz, deyəsən, səhiyyəyə qarşı çox həssassınız. Bütün çıxışlarınız da, çəkdiyiniz misallar da səhiyyə sistemi ilə bağlıdır. Nə olub bizim səhiyyəyə? Səhiyyə inkişaf edir.
İkinci, girov məsələsindən danışdınız. O dövrdə bu məsələ ona görə qalxırdı ki, pulu olan girov verib çıxacaq deyirdilər. İndi bəyəm eyni şey olmayacaq? Bu məsələlərə cəmiyyəti hazırlamaq lazımdır. Birdən-birə buna keçmək elə Sizin dediyiniz həmin səmərəni verməyəcək. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, bununla əlaqədar olan başqa bir məsələyə toxunmaq istəyirəm. Azərbaycanın Avropa ilə viza rejiminin sadələşdirilməsi, məncə, mühüm bir addımdır və bu, gələcəkdə əmək miqrantlarının işinə də ciddi təsir göstərəcək. Xaricdə yaşayan soydaşlarımız tez-tez bununla bağlı bizə müraciət edirlər, çünki xaricdən gələn burada miqrant sayıldığı kimi, bizdən ora gedən də miqrantdır. Onların vətənlə əlaqələri çox mühüm məsələdir və bəzən ailələrin, insanların taleyi ilə bağlıdır.
Narazılıq bundandır ki, Azərbaycandan gedən əmək miqrantları, –mən siyasi miqrantı, filanı nəzərdə tutmuram, – öz ölkələrinə qayıdarkən bir sıra bürokratik əngəllərlə üzləşirlər. O cümlədən viza məsələləri ilə bağlı da bunu demək olar. Köhnə SSRİ məkanındakı respublikaların bir çoxundan xaricə işləməyə, yaxud təhsil almağa gedən adamlar öz ölkələrinə vizasız gəlib-gedirlər. Çünki buranın vətəndaşıdır və orada müvəqqəti məskunlaşıb. Amma bizdə bu məsələlərlə bağlı çox ciddi problemlər yaşanır, viza çox çətinliklə alınır. Ona görə xahiş edərdim, bu məsələlərə aydınlıq gətirilsin.
Niyə biz həmişə vətəndaşımızı çətinliklə üzləşdirən məsələləri çox sevinclə qəbul edirik? Bir az vətəndaşımızı düşünməliyik və dünya təcrübəsindən istifadə etməliyik. Məsələn, qonşu Gürcüstandan bizə tələbələr gəlirlər. Müəyyən müddət verilib. Əvvəl 1 ay idi, sonra 3 ay oldu. 3 aydan bir gün artıq keçsə, gərək bu adam Miqrasiya İdarəsinə filan qədər cərimə ödəsin. 300, bəzən 400 manat cərimə ödəyirlər. Ya da bir gün, əgər vaxtı keçməyibsə, Azərbaycan sərhədlərindən kənara çıxmalıdır, yenidən həmin ölkəyə geri qayıtmalıdır. Bu, tələbədir, onlara müəyyən hüquqlar tanınmalıdır. Ona görə mən çox istərdim ki, bu məsələlərlə bağlı müvafiq idarələr Azərbaycandan kənarda yaşayan insanların öz vətənləri ilə əlaqələrini sadələşdirmək üçün müəyyən addımlar atsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Əli müəllimə mikrofon verin.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli Qüdrət müəllim və Fazil müəllim bir sıra maraqlı hüquqi məsələlər qaldırdılar. Mən qeyd etməliyəm ki, bunlar həm hüququn tətbiqi ilə bağlıdır, həm də diskussiyalara səbəb ola biləcək mövzulardır. Amma mən bu fikirləri mütləq Məhkəmə-Hüquq Şurasına çatdıracağam. Hesab edirəm ki,  hüququn tətbiqi, hüquq islahatları ilə bağlı bu cür fikirlər mütəmadi müzakirə predmeti olmalıdır.
O ki qaldı layihə ilə bağlı deyilənlərə, Qüdrət müəllim, həqiqətən də, 52-ci maddədə müəyyən məhdudiyyət qoyulub. Əvvəllər bu məhdudiyyət, ümumiyyətlə, Cinayət Məcəlləsində yox idi. Yəni əcnəbi Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılırdı. Sonra o, qayıda bilərdi, amma onun məhkumluğunun ödənilib-ödənilməməsi məsələsinə nəzarət etmək mümkün olmurdu. Miqrasiya Məcəlləsi müzakirə olunanda belə qərara gəldik ki, əgər çıxarılıbsa, məhkumluğu ödənilənə qədər yenidən Azərbaycana gələ bilməz. Açığı, məhkumluğu ödəniləndən sonra bir 5 ildə məhdudiyyət qoysaq, mənə belə gəlir ki, onda həmin insanın hüququnu məhdudlaşdırmış oluruq. O, cinayət törədib, Azərbaycanda cəza alıb və cəzasını da çəkib. Bir də, əlavə cəza növü kimi onu ölkədən məcburi çıxarmışıq. Bunu da edib, müəyyən dövrdə öz ölkəsində də yaşayıb. Məhkumluğu ödənilibsə, məncə, artıq o, bütün insanlar kimi hüquqlara malikdir.
İstəmirəm ki, bunları müzakirə edək, çünki yenidən Miqrasiya Məcəlləsinə qayıtmalı olacağıq. Hələlik forma budur. Hörmətli Oqtay müəllim, xatırlayırsınızsa, Sabir müəllimin də dediyi məsələyə Miqrasiya Məcəlləsi müzakirə edilən zaman ətraflı münasibət bildirilmişdi. Başa düşürəm ki, əcnəbilərin arasında soydaşlarımız, həmvətənlərimiz var. Amma biz Miqrasiya Məcəlləsində bu diferensiasiyanı edə bilməzdik. Ona görə mənə elə gəlir ki, bunu başqa normativ sənədlərdə axtarıb tapmaq lazımdır. Miqrasiya Məcəlləsində bu, mümkün deyil, çünki oradakı yeganə anlayış “əcnəbi”dir. Azərbaycan Respublikasının vətəndaşı deyilsə, artıq biz heç bir güzəştlər edə bilmirik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, icazə versəniz, 4-cü və 5-ci məsələlər də birlikdə məruzə edərdim.  Bunların hər ikisi qanunvericiliyin uyğunlaşdırılması ilə bağlıdır. Belə ki, biz 2013-cü ildə İnzibati Xətalar Məcəlləsinə icra qanunvericiliyi ilə bağlı bir sıra dəyişikliklər etdik. Hazırda “İcra haqqında” Qanuna təklif olunan dəyişiklik də 2013-cü ilin may ayında İnzibati Xətalar Məcəlləsinə etdiyimiz bu düzəlişlə bağlıdır. Bu, sırf texniki əhəmiyyət daşıyır və hesab edirəm ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
5-ci məsələ İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı qanun layihəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna biz paket şəklində mütərəqqi dəyişikliklər etdik. Bu dəyişikliyi də bu yaxınlarda – 2013-cü ildə etmişik. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik də məhz bununla bağlıdır. Konkret olaraq qeyd edim ki, artıq vətəndaşlar 15 yaşından sonra şəxsiyyət vəsiqələri almaq imkanına malikdirlər. 15  yaşına çatmış vətəndaşlar identifikasiya kartı əldə edirlər. Bu barədə bizim xüsusi bir qanun layihəmiz də artıq parlamentə təqdim olunub və komitənin üzvü Çingiz Qənizadə bu barədə məruzə edəcək.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsində şəxsiyyət vəsiqəsi olmadan və yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamağa görə məsuliyyət mövcud idi. İndi buna ehtiyac qalmır, çünki şəxsiyyət vəsiqəsində onsuz da qeydiyyatla bağlı qeyd var. Bu da texniki düzəlişdir, amma qanunvericiliyin uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Sağ olun.
Sədrlik edən. Tahir Rzayev, buyurun.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən 5-ci məsələyə öz münasibətimi bildirmək istəyirəm. Burada göstərilir ki, 15 yaşına çatmış hər bir şəxs qeydiyyata düşməli və şəxsiyyət vəsiqəsi almalıdır. Düzünü deyim ki, gözəl qanundur, amma bunun işləmə mexanizmi çox çətindir. İnkişafımızla əlaqədar bu gün çoxsaylı massivlər yaranıb, küçələr meydana gəlib. Ancaq düzünü demək lazımdır, bunların əksəriyyəti ünvan almayıb. O yaşayış massivlərindəki evlərin çoxu qeydiyyata alınmayıb. Burada yaşayan insanlar başqa yerlərdə qeydiyyatdadırlar. Kənddən gəliblər, uzun illərdir, şəhərdə yaşayırlar. Açığını demək lazımdır, qeydiyyat məsələsi çox çətin olacaq.
Burada vəzifəsini yerinə yetirməyən, süründürməçiliyə yol verən şəxslərə 70 manat miqdarında cərimə nəzərdə tutulur. Bunu edən vəzifəli şəxslərdir. Bu gün küçələrə ad, ünvan verilməsi bir problemə çevrilib. Adamlar nahaq yerə incidilirlər. Ona görə istərdim ki, bu, 70 manat yox, 7 min manat olsun ki, o adamlar da nəticə çıxarsınlar. Uzun illərdir, bu adamlar burada yaşayırlar, amma qeydiyyata düşə bilmirlər. Hörmətli Əli müəllim, mən təklif edərdim, gələcəkdə bu məsələni elə həll edək ki, süründürməçiliyə yol verən adamlar öz vəzifələrini layiqincə yerinə yetirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən də bu layihəyə səs verəcəyəm. Ancaq bir məsələyə istəyirəm, aydınlıq gətirim. 327.1-ci maddədə göstərilir ki, 15 yaşına çatmış vətəndaşların yaşayış yeri və olduğu yer üzrə. 15 yaşında vətəndaş, əvvəla, işləməyə bilər, yəni burada məktəbli nəzərdə tutulur. Ondan 30 manat cərimə alınması nə dərəcədə məntiqlidir?
İkinci, burada, məncə, “üzürsüz səbəbə görə qeydiyyatdan keçmirsə” olmalıdır, çünki xəstəlik, başqa hallar ola bilər. Valideyn himayəsindədir, imkan verilməz və ya başqa şərtlər də ola bilər. Bunu onun üzərinə yükləmək doğru deyil.
İkinci, 327.2-ci maddədə “vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsi” göstərilib. Yuxarıda isə “fiziki şəxslər” sözləri “15 yaşına çatmış vətəndaşlar” sözləri ilə əvəzlənibdir. Əli müəllim, bəlkə bu, texniki bir səhvdir, diqqətdən qaçmadır? Hər halda onda “15 yaşına çatmış vətəndaşlar” sözləri “fiziki şəxslər”i əvəzləməlidir.
329-cu maddədə də yazılır: “vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə”. Yenə də, məncə, “üzürsüz səbəb” sözlərini bura salmaq lazımdır. Çünki elə şərtlər ola bilər ki,  vətəndaş 2 ay yaşaya bilər. Yəni zəlzələ, başqa hallar ola bilər. Vətəndaş xəstəliyinə, yaxud da bir problemə görə gəlib çıxa bilməz. Belə şeyləri nəzərə alaraq “bir ayaq yeri” qoyulsa, bu sənəd daha mükəmməl olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, mənim bir sualım var. 15 yaşına çatmış vətəndaşlar, əsasən, şagirdlərdir. Bu şagirdlərin oxuduqları məktəbdə onların harada qeydiyyatda olması barədə məlumat yoxdur? Onları məktəbə qeydiyyatsız götürürlər?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Qeydiyyat varsa, bu səbəbi əvvəlcədən bilib onun üzərində işləmək olar. Suallara cavab vermək istəyirsinizsə, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Oqtay müəllim. Birincisi, deyim ki, hazırda hamı qeydiyyatdadır, o cümlədən 15 yaşına çatanlar da. Biz, yəqin, o layihəni cəmiyyətə çatdıra bilməmişik. Amma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna çox mütərəqqi bir dəyişikliklər etdik. Oqtay müəllim, bunların da əsas mahiyyəti ondan ibarət idi ki, bu proses çox çevik olsun və elektron üsulla həyata keçirilsin. Yenə o məsələyə qayıdıram ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında xüsusi bir qanun layihəsi müzakirə olunacaq.
Əslində, uşaqlar, təbii ki, valideynləri ilə birlikdə qeydiyyatdadırlar. Valideyni olmayan da kiminsə himayəsindədir və  qeydiyyatsız heç bir kəs yoxdur. Sadəcə, bu prosesi sürətləndirmək, sadələşdirmək lazımdır. Bilirsiniz ki, biz, ümumiyyətlə, yeni informasiya texnologiyalarının tətbiqi prosesi başlayanda bu məsələyə daha sürətlə başladıq. Həm də bu kartlara fərdi məlumatlarla bağlı kifayət qədər informasiya yükləmək lazımdır. Bu proseslər bununla bağlı başladı. Məktəbli şəxs, əlbəttə, valideynləri ilə birgə qeydiyyatdadır, ünvan var.
Tahir müəllimin dediyi məsələnin həlli istiqamətində işlər başlayıb. Xatırlayırsınızsa, son dövrdə ərazilərin, binaların, küçələrin reyestri ilə bağlı xüsusi bir dəyişikliklər etdik. Niyə? Çünki bu həm də bütün yol-nəqliyyat sisteminin idarə olunması baxımından vacibdir. Sistemin qoşulması, ona nəzarət olunması baxımından vacibdir. Bu proses artıq başlayıb. Elə bilirəm ki, gələn il artıq bütün küçələrin, evlərin vahid reyestrə salınması ilə bağlı işlər artıq həyata keçirilmiş olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Əgər başqa sual yoxdursa, xahiş edirəm, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Vergi Məcəlləsinin 164-cü maddəsi “Vergi ödəməkdən azad edilmə” adlanır. 164.1.8-ci maddənin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti”. Yəni təklif olunur ki, bu fəaliyyət ƏDV vergisindən azad edilsin. Bu çox vacib məsələdir. Hesab edirəm ki, bütövlükdə ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması işinə, onun keyfiyyətinin artırılmasına müsbət təsir göstərəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun.  Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən fürsətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. Ümumtəhsil məktəbləri üçün dərslik komplektləri Azərbaycanda nəzarət olunmayan qiymətlərlə satılır və çox bahadır. Vətəndaşlar həddən artıq əziyyət çəkirlər. İstehsalçılar çox vaxt bəhanə edirlər ki, ƏDV yüksək olduğuna görə biz bu qiymətləri aşağı sala bilmirik. Təbii ki, bu bəhanə ortadan qalxacaq. Amma bu qiymətlərə nəzarət etmə mexanizmi necə düşünüləcəkdir? Vətəndaşlar uşaqlarının təhsil alması üçün bu dərslik vəsaitlərini aşağı qiymətə ala biləcəklər, ya yox? Əsas sual budur.
İkinci, Ziyad müəllim, mən təklif edərdim, orijinaldan tərcümə ədəbiyyatını da biz bura daxil edək. Çünki Azərbaycanda tərcümə sahəsində böyük problemlər var və biz dünyanın mütərəqqi nəşrlərinin Azərbaycanda yayılması məsələsində çox ciddi natamamlıqlarla rastlaşırıq.
Prezidentin sərəncamı ilə tərcümə mərkəzi yaradıldı, bu struktura pul ayrıldı. Amma hələ ki, fəaliyyət görünmür. Yəni Azərbaycanda bu sahədə çox sayda tərcüməçi kadrların yetişdirilməsinə, onlara məqsədyönlü  şəkildə dəstək verilməsinə ehtiyac var. Amma hələ ki, bu iş pərakəndə formada aparılır. Qabiliyyəti olan, olmayan  çox sayda insan bu işlə məşğul olur. Mən bu günlərdə Jan-Pol Sartrın “Ürəkbulanma” əsərin Azərbaycan dilinə tərcümədə oxudum. Sartr Nobel mükafatından imtina etmiş böyük bir yazar, böyük bir filosofdur. Tərcümədə cümlə quruluşundakı qüsurlar üzündən çox şeyləri mən başa düşə bilmədim. Yəni Azərbaycan dilinə tərcümə etmək elə də asan məsələ deyil. Bu, yüksək peşəkarlıq tələb edən bir işdir.
Ona görə Ziyad müəllim, əgər mümkündürsə, gələcəkdə bu məsələ üzərində də düşünək, həm elmi-kütləvi, həm də bədii əsərlərin orijinaldan tərcüməsi üçün ƏDV-nin ortadan qaldırılmasına nail olaq ki, dünyada olan nəşrlərin Azərbaycana gəlməsinə şərait yaradaq. Çünki bizdə əsərlərin çoxu rus dilindən tərcümə olunur. Əslində, bunu stimullaşdırmamalıyıq. Birbaşa orijinaldan tərcümə edən kadrlar yetişdirməliyik. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Çox sağ olun.  Çingiz Qənizadə.
Ç.Qənizadə.  Təşəkkür edirəm.  Təbii ki, Vergi Məcəlləsinə edilən bu dəyişiklik müsbət dəyərləndirilməlidir və biz buna səs verəcəyik. Amma hörmətli Bahar xanım, bu günlərdə bir qrup gənc jurnalist bir tədbirdə mənə yaxınlaşdı, söhbət etdik. Heç onlar bilmirdilər ki, bizim belə bir müzakirəmiz olacaq. Dedilər ki, nə üçün bədii ədəbiyyat əlavə dəyər vergisindən azad olunmur? Axı bədii ədəbiyyat gənclərin maariflənməsinə, dünyagörüşünün artırılmasına xidmət edir, onların bir hissəsini müəyyən xoşagəlməz əməllərə qurşanmaqdan çəkindirir.
Ümumiyyətlə, faydalı ədəbiyyatın oxunması, təbii ki, hamımızın ürəyindən keçən bir istəkdir. Amma çox təəssüf ki, bu gün bədii ədəbiyyatın nəşrinə bu ödəmələr, yəni əlavə dəyər vergisi tətbiq olunur və kitabların qiyməti qalxır. O baxımdan gənclərin böyük əksəriyyət internetə və bəzən də internetdə bizim milli dəyərlərə zidd olan yazıları oxumağa üstünlük verir.
Onu deyim ki, elə bundan əvvəl də bizim həmkarlarımız arasında bu mövzuda söhbətlər gedirdi. Mənimlə həmrəy olanlar da çoxdur. Mən çox istərdim ki, bədii ədəbiyyat nəşrinə də vergidən azadolma tətbiq edilsin. Bu, ümumilikdə bizim Azərbaycan gənclərinin, Azərbaycan oxucularının hamısının marağına səbəb olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Mən əminəm ki, bu dəyişiklik işləməyə başlayandan sonra artıq elmi ədəbiyyatla da bağlı belə bir təklif ortaya gələ bilər. Amma hələlik bu gün dərsliklərlə bağlı təklif gəlib. Hesab edirəm ki, bu gün biz bu layihəyə gənclərin siz deyən ruhda maariflənməsinə, tərbiyələnməsinə xidmət edən bir addım kimi münasibət bildirməliyik. Qarşıdakı dövrdə isə o məsələlərə də baxarıq. Qənirə Paşayeva.
Q.Paşayeva.  Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri!  Mən düşünürdüm ki, bu məsələ ilə bağlı Ziyad müəllim bir arayış, bir açıqlama verər. Çünki bununla bağlı Azərbaycan Yazıçılar Birliyi, Azərbaycanın çox tanınmış yazıçıları cənab Prezidentə müraciət ünvanlamış və kitab nəşri üzərindən əlavə dəyər vergisinin ləğv olunmasını xahiş etmişdilər. Onu deyim ki, bu çox önəmli məsələdir və kitab nəşrinə əlavə dəyər vergisini ləğv etməyimiz çox böyük bir stimullaşdırıcı addım olardı.
Hər bir ölkə özünün kitab siyasətini müəyyən edir. Məsələn, Böyük Britaniya, İrlandiya, Norveç, Kipr, eləcə də postsovet ölkələri olan Moldova, Tacikistan və Gürcüstanda əlavə dəyər vergisi sıfırdır. Türkiyədə, Fransada, İtaliyada, Macarıstanda, Litvada, İspaniyada bu rəqəm təxminən 4 faiz təşkil edir. Bizdə isə bu əlavə dəyər vergisi az rəqəm deyil. Təxminən 5 manatlıq bir kitabın qiymətini 6 manat həddinə gətirə biləcək bir rəqəmdir. Ona görə kitab nəşri üzərindən əlavə dəyər vergisinin götürülməsi çox yaxşı olardı.
Bir zaman vergilər nazirinin müavini hörmətli Natiq müəllim jurnalistlərə bildirmişdi ki, kitabların, əsasən də, elmi ədəbiyyatın Azərbaycana gətirilməsi, satışı və nəşrinin əlavə dəyər vergisindən azad edilməsini biz müzakirə etməyə hazırıq. Əgər Vergilər Nazirliyi belə bir müzakirəyə hazırdırsa, ölkənin çox tanınmış yazıçılarının, Yazıçılar Birliyinin, elmi ictimaiyyətin də bu istiqamətdə  müraciəti varsa və bu, dövlətimizin büdcəsi üçün ciddi bir problem yaratmazsa, kitabla bağlı əlavə dəyər vergisini ləğv etmək lazımdır.
Bu gün gənclərimizin kitab oxumağa meyillilik məsələsində narahatlıqlarımız, problemlərimiz var. Biz insanlarımızı, gənclərimizi kitab oxunmasına daha çox təşviq, sövq etməliyik. Kitabların qiymətlərinin aşağı düşməsi isə kitab oxunmasını stimullaşdıran faktorlardan biridir.
Əgər bu məsələdə bir ortaq fikir varsa, niyə bu məsələ ilə bərabər gündəmə gəlmir və yaxın zamanlarda, ümumiyyətlə, bunu da gözləmək olarmı? Çünki bu çox önəmli bir məsələdir. Bu bütün yazarların və elmi ictimaiyyətin xahişidir. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun.  Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, kitabla, xüsusilə uşaq ədəbiyyatı ilə bağlı vergilərin götürülməsi çox mütərəqqi bir məsələdir. Lakin mən buna bir az başqa tərəfdən yanaşmaq istərdim.
Biz son vaxtlarda bəzi məsələlərə güzəştlər edirik. Məsələn, kənd təsərrüfatı məhsullarından vergini götürdük ki, bu məhsulların istehsalı artırılsın. Başqa sahələrdə də müxtəlif güzəştlər var. İndi mən görürəm, həmkarlarım da hamısı çıxışa yazılıbdır. Güman edirəm, bundan sonra belə təkliflə çıxış edəcəklər ki, Azərbaycanda çap olunan bütün kitablardan əlavə dəyər vergisi götürülsün.
İndi gəlin buna başqa tərəfdən yanaşaq. Bizdə yaradıcı birliklər də, məktəblilərin kitabla təmin olunması da dövlət büdcəsindən maliyyələşir. Bunların bütün xərclərini dövlət özü ödəyir. Amma kimsə öz kitabını çap etdirirsə, təbii ki, onun qonorarını da alır. Əgər kitab yaxşı kitabdırsa, yaxşı da satılır. Çingiz Abdullayev üçün fərqi yoxdur, onun kitabı neçəyə satıldı. Çünki bu kitabı milyonlarla insan alır, oxuyur. Bir başqası isə yazır gətirir, düşür qapı-qapı, istəyir paylasın, heç olmasa, kitabın çapına çəkdiyi xərci çıxarsın. Bunun çap olunmasındansa çap olunmaması daha yaxşıdır. Yəni biz bir sosializm baxışından ayrılıb buna kommersiya baxışı ilə yanaşmalıyıq.
Burada kitabın qiymətindən danışırıq. Söhbət kitabın bahalığından, ucuzluğundan getmir. Oxucu kitabı bahalığına, ucuzluğuna görə alıb oxumur. Oxucu kitabı içindəkinə görə alır, oxuyur. Bəzən deyirlər, misal üçün, Sabir müəllim tez-tez deyir ki, Azərbaycanda kitab mağazaları azdır. Mən də bilirəm ki, azdır. Amma bizdə əgər hər hansı bir kommersant hiss eləsə ki, Azərbaycanda kitab almaq faizi daha çoxdur, o daha ət dükanı yox, kitab dükanı açacaq. Çünki biznesi gözəl bilir və bunu çox gözəl tutur.
Lakin görünür, biz kitabların keyfiyyət məsələsinə baxmalıyıq. Keçmişdə bir heyət var idi, müəyyənləşdirirdi ki, hansı kitabları ictimaiyyətə çatdırmaq, satışa buraxmaq olar, hansını yox. İndi kimsə Rusiyadan hansısa bir ədəbiyyatı alır, pirat üsulu ilə çap etdirib yayırsa, biz buna güzəşt tətbiq etməliyik? Bu da doğru deyil axı. Çünki heç müəllifin bundan xəbəri yoxdur. Onun kitabını burada iki cavan uşağa verib tərcümə etdirir və bir professorun da adını təcili yazdırırlar üstünə ki, sanballı görünsün. Professorun da onun içərisindəkindən xəbəri yoxdur, adı gedir. Əsərlərinə salacaq ki, bu qədər kitabın redaktoru və yaxud elmi rəhbəri olmuşam və sairə. Bu vəziyyət isə ona gətirib çıxarır ki, Azərbaycanda kitablar yığılır və bu kitablara baxanda görürsən ki, onların içində heç diqqətə layiq olan bir şey də yoxdur.
Yaxşı, bu layihəni qəbul eləyək, uşaq ədəbiyyatına aiddir, başa düşürəm. Amma baxaq görək, uşaq ədəbiyyatında yazılanlar nədir, nədən ibarətdir. Yəqin ki, bu məsələyə gələcəkdə Təhsil qanununda toxunacağıq. Görün, bizim orta məktəb dərsliklərinə hansı müəllifləri gətirib salıblar. Adam oxuyanda sovet hökumətinin atasına rəhmət oxuyur ki, gül kimi müəlliflər var idi. Uşaq oxuyurdu, bir tərbiyə alırdı, bir ədəb öyrənirdi. Bu gün kimin adamı var, müəllif olub Azərbaycan övladına təhsil verir, Azərbaycan övladına ədəbiyyat öyrədir, onun əsərləri dərslikdə getməlidir. Az qalır ki, Nizamini, Füzulini də vurub keçsinlər. O baxımdan bu məsələyə elə yanaşmalıyıq ki, gələcəkdə bu cür problemlər yaranmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də bu müzakirəyə təqdim olunan Vergi Məcəlləsinin 164-cü maddəsinə dəyişikliyi çox yüksək qiymətləndirirəm. Təhsil xalq üçün, millətimiz üçün strateji əhəmiyyət kəsb edən bir sahədir. Bu sahədə belə dəyişikliklər, əlbəttə ki, çox önəmlidir və növbəti dəfə dövlətimizin bu sahəyə, gənc nəslin inkişafına, təhsilinə, maarifləndirilməsinə dəstəyini nümayiş etdirir.
Mən elm sahəsi haqqında danışmaq istərdim. Düzdür, həmkarlarım bunu səsləndirdilər. Amma mən hesab edirəm ki, bu məsələ dəfələrlə səsləndirilməlidir. Biz çox ümid edirik ki, yaxın gələcəkdə bu kimi güzəşt elmi nəşrlərə də tətbiq olunacaq. Buna çox böyük ehtiyac var. Mən elmi-populyar ədəbiyyatı yox, fundamental elmə aid olan ədəbiyyatı, kitabları nəzərdə tuturam. Bunları çap eləyəndə maya dəyəri çox yüksək olur və ona görə də bu kitabları faktiki olaraq mübadilə edirik. Çünki onu maya dəyərindən aşağı qiymətə satışa qoya bilmərik. Maya dəyəri isə çox bahadır. Bu qiymətə elmi işçilər kitab ala bilmirlər. Mən çox xahiş edərdim ki, növbəti dəfə də bu məsələyə diqqət yetirilsin. Çünki Azərbaycanda elmin inkişafını stimullaşdırmağın yollarından biri də əlavə dəyər vergisini elmi ədəbiyyat nəşrindən götürməkdir.
Vergidən söhbət düşmüşkən mən bir məsələni də demək istərdim. Bu gün dövlət tərəfindən fəxri adlar üçün verilən təzminatdan vergi tutulmur. Məsələn, xalq yazıçısı bu fəxri ada görə 100 manat alır və o 100 manata vergi tətbiq olunmur. Amma elmlər doktoruna, elmlər namizədinə o elmi dərəcəyə görə verilən təzminatdan vergi tutulur. Yəni həmin o məbləğ – 100 manat, yaxud 60 manat onun məvacibinə əlavə olunur və bu ümumi məbləğdən vergi tutulur. Mən xahiş edərdim, növbəti dəfə bu məsələyə də baxılsın. Yəni alimlərin elmi dərəcəyə görə aldıqları təzminatdan vergi çıxılmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Belə çıxışlar getsə, məsələ qaldıracaqlar ki, ümumiyyətlə, poliqrafiyadan vergiləri götürək. Təkid eləyən var? Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Bu məsələ ilə bağlı mən də bir neçə söz demək istəyirəm. Əvvəla, onu deyim ki, Azərbaycanda bu sahədə çoxdan bəri ardıcıl bir siyasət aparılır. Ölkəmiz latın qrafikasına keçdikdən sonra mühüm ədəbiyyatın – dünya və Azərbaycan ədəbiyyatının çap olunub 25 min tirajla məktəblərə paylanması çox böyük, çox inqilabi bir hadisə idi. Təəssüf ki, cəmiyyətdə, heç olmasa, mətbuatda bunun əhəmiyyəti lazımınca dəyərləndirilmədi, bu barədə fikir deyilmədi. Bunun ardınca dərsliklərin çətin vəziyyətdə olan ölkədə məktəblərə pulsuz verilməsi özü də mühüm bir iş idi. İndi növbəti bir addım atılır, uşaq ədəbiyyatı və dərsliklər əlavə dəyər vergisindən azad edilir. Bu da mühüm bir işdir.
Burada mənim diqqətimi cəlb eləyən bir məsələ var. Bu poliqrafiyanın kimlərin əlində olduğu aydınlaşdırılmalıdır. Ümumiyyətlə, bu gün dərslikləri kim çap eləyir? Vaxtı ilə bizdə bir “Maarif” nəşriyyatı var idi. Sonra “Maarif” nəşriyyatı ləğv olundu. Təəssüf ki, dərslik nəşriyyatında da bu gün bir inhisar var. Faktiki biz dövlətə, hakimiyyətə bağlı olan, bu sahəni də inhisara almış imkanlı adamlara burada şərait yaradırıq. Onlar əlavə dəyər vergisindən azad olunur. Amma bu işlə azacıq məşğul olan balaca nəşriyyatlar yenə də o verginin altında qalır. Əgər bu sahədə biz, doğrudan da, bir ciddi dəyişiklik eləmək istəyiriksə, kitab bütövlüklə əlavə dəyər vergisindən azad edilməlidir. Çünki bizdə kitab nəşri sahəsində çoxmərtəbəli vergi tətbiq olunur. Kağıza bir vergi var, kitabın satışına bir vergi var, kitabın nəşrinə bir vergi var. Üç-dörd vergi üst-üstə gələndə kitabların qiymətinə təsir edir. Ona görə mən hesab edirəm ki,  Azərbaycanda kitab əlavə dəyər vergisindən azad olunmalıdır. Bu bizim dövlətin siyasətinə uyğundur və Azərbaycanın gələcəyinə bağlı bir məsələdir.
Burada mənim hörmətli həmkarım Siyavuş bəy deyir ki, mən tez-tez kitab dükanlarının azlığı məsələsini qaldırıram və o da həmişə deyir ki, bu iş bazarın işidir, qoy bazar özü müəyyənləşdirsin. Əziz qardaşım, bazara qalsa, onda biz ibtidai icma quruluşuna qayıtmalıyıq. Bu gün Azərbaycanın bəzi rayonlarında bir dənə kitab dükanı yoxdur. 12–15 min əhalisi olan kəndlərdə bir dənə kitab dükanı yoxdur. Sosializm dövründə sənin dediyin avtolavkalar var idi, avtomobillə kitab gəzdirirdilər. O da yoxdur. Əgər sosializm mənim kitabımı o cür qoruyurdusa və bu gün milli dövlətimiz milli kitabı qorumursa, onda mən sosializmə qibtə edirəm. Hesab edirəm ki, bu məsələyə sosialist düşüncəsi ilə yox, milli düşüncə ilə yanaşılmalıdır. Milli düşüncə tələb edir ki, kitabımızı qoruyaq.
Siz bilirsiniz, bu gün kitaba böyük hücum var. Bizdən asılı deyil, bazar da hücum edir, özümüz də hücum edirik. Ona görə də nəşriyyatların iş keyfiyyəti yaxşılaşıb, kitabların nəşri gözəlləşib, alıcılıq ildən-ilə artır. Ancaq bir rayonda bir kitab dükanı yoxdursa, bu rayon camaatı o kitabı haradan tapsın, necə alsın? Hər dəfə durub Bakıya gəlməli deyil ki. Ona görə kitab dükanları artmalıdır.
Amma sənin sonuncu fikrinlə mən də razıyam ki, dərsliklərimizə baxmaq lazımdır. Dərsliklərimizə bəzən təsadüfi adamların yazıları salınır. Ona görə də məncə, siz, Yeni Azərbaycan Partiyası və biz bir arada  yığışıb dərslik müzakirəsi keçirməliyik. Çünki bu gün o məsələyə təsir eləyənlər var. Kimin adamı varsa, onun qohum-əqrəbası dərsliyə salınır. Kim təsir göstərə bilirsə, onun ədəbiyyatı dərsliyə salınır.
Ona görə də bu gün Azərbaycanın milli ədəbiyyatı qalıb kənarda, yenə sosialist ədəbiyyatı düşüb dərsliyimizə. Biz uşaqlarımıza  milli dövlətə maraqdan, məhəbbətdən daha çox köhnə günlərin nostalgiyasını aşılayırıq. Bu ciddi məsələdir və hesab edirəm, biz dərsliklərlə bağlı ümumrespublika müzakirəsi keçirib bu sahədə bir nizam yaratmalıyıq.
Küll halında, mən hesab edirəm ki, bu bəlkə ilk addım kimi ciddi bir addımdır, amma çox istəyərdim ki, burada deyildiyi kimi, orijinaldan tərcümə ədəbiyyatı, elmi ədəbiyyat, bir sıra ədəbiyyat növləri hökmən əlavə dəyər vergisindən azad olunsun. Bu bizim mədəniyyətimizin, elmimizin inkişafı üçün çox mühüm bir işdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, bu qanun layihəsinə hər bir deputat səs verəcəkdir. Bu çox yaxşı bir dəyişiklikdir.
Burada fikir səsləndi. Mən bunu bir daha vurğulamaq istəyirəm ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə dünya və Azərbaycan ədəbiyyatının bütün nümunələri, eyni zamanda, ensiklopediyalar  latın qrafikası ilə dövlət hesabına çap olunur və bütün məktəblərə, kitabxanalara, mədəniyyət evlərinə pulsuz paylanılır. Bu, ölkəmiz üçün ən böyük hadisələrdən biridir.
Bu qanuna dəyişikliyin əsas mahiyyəti nədən ibarətdir. Ümumtəhsil məktəbləri üçün dərsliklər dövlət hesabına çap olunur və məktəblərə pulsuz paylanır. Burada fikir səslənir ki, valideynlər gedib bazarlardan dərslik alırlar. Amma mənim üçün bir az anlaşılmazdır ki, bu dərsliklər əgər məktəblilərə dövlət hesabına pulsuz paylanırsa, valideynlər niyə bazardan gedib dərslik alırlar. Burada ola bilər ki, kimlərsə müəyyən bir mənfi fikir yaratmaq məqsədi güdürlər. Əlbəttə, nəşr işində piratçılıqla məşğul olanlar, dövlət hesabına çap olunmuş dərsliklərin surətlərini çıxardanlar və bunu hansısa yollarla bir gəlir mənbəyinə çevirmək istəyənlər də, yəqin ki, yox deyil. Amma bu gün Azərbaycan məktəbliləri və məktəbləri dərsliklərlə tam dövlət hesabına təmin olunur.
Məktəb dərsliklərinin və uşaq ədəbiyyatının əlavə dəyər vergisindən azad olunması məsələsi nə üçün qoyulur. Bu, nəşriyyatların dövlət  vəsaitindən daha səmərəli istifadə etməsi, daha yüksək keyfiyyətli dərsliklər nəşr etməsi və fəaliyyətlərini genişləndirməsi üçün dövlət tərəfindən əlavə bir dəstəkdir. Mən də hesab edirəm ki, bu dəstək dərslik sahəsində keyfiyyətin daha da yüksək səviyyəyə qaldırılmasına və fəaliyyətin genişləndirilməsinə imkan yaradacaq.
Amma mənim bir təklifim var. Təhsil qanununda biz nəzərdə tutmuşuq ki, məktəbəqədər tərbiyə müəssisələrində 5 yaşından məktəbə hazırlıq işləri aparılmalıdır. Artıq bununla bağlı dövlət başçısının uşaq bağçalarında məktəbə hazırlıq işinin təşkili ilə bağlı sərəncamları var. Ona görə ümumtəhsil məktəblərinin dərslikləri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələri üçün dövlət hesabına çap olunan vəsaitlərin də əlavə dəyər vergisindən azad edilməsi indi nəzərə alınsaydı, yaxşı olardı. Yəni bunu indi edək ki, gələcəkdə bir də əlavə dəyişiklik edib məktəbəqədər təhsil müəssisələri üçün dövlət hesabına çap olunan komplektlərin də əlavə dəyər vergisindən azad edilməsi məsələsinə qayıtmayaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən.  Çox sağ olun, Bəxtiyar müəllim. Mənə elə gəlir ki, uşaq ədəbiyyatına elə bu məktəbəqədər ədəbiyyat da aiddir. O da vergidən azad olunur. Xahiş edirəm, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Buyursun Şəmsəddin müəllim.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil  komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Müzakirəyə təqdim olunan qanun layihəsinin əsas məqsədi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu ilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun bir-birinə uyğunlaşdırılmasıdır.
Layihə konkret olaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 14.8.1-ci maddənin əlavə edilməsini nəzərdə tutur: “Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.
Nəzərinizə çatdırıram ki, bu qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş, Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunaraq bəyənilmiş və plenar iclasda müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.
Hörmətli millət vəkilləri, ayrı-ayrı qanunların bir-birinə uyğunlaşdırılmasının və eləcə də sözügedən qrupdan olan uşaqların təhsil almaları üçün daha geniş və təminatlı şəraitin zəruriliyini nəzərə alaraq qanun layihəsinin bəyənilməsini və ona müsbət səs verilməsini sizdən xahiş edirik.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, indi mən baxıram, çıxışlara 14 nəfər yazılıb. Bu qanunu oxumusunuz, məğzini bilirsiniz. Yazılıb: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər...” Yəni biz burada Təhsil qanununu müzakirə eləmirik. Belə olmaz axı. Xahiş edirəm, heç kim məndən inciməsin. Bu məsələyə aid oldu, olacaq, olmadı, keçirik səsverməyə. Müzakirə olunmalı məsələ qalır bir tərəfdə, başlayırıq təhsildən danışmağa. Gündəliyə uyğun danışaq. Güzəşt verilir. Bütün təhsildə güzəşt işləyəcək. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm. Biz, təbii ki, qanunu dəstəkləyəcəyik. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara cənab Prezidentin diqqət və qayğısının, humanizmin təzahürü olan belə bir qanun layihəsinin qəbul edilməsi təqdirəlayiqdir. Amma çox istərdim, hörmətli Şəmsəddin müəllim açıqlama versin ki, bu maddədə “habelə onların arasından olan şəxslər” dedikdə kimlər nəzərdə tutulur. Mən bunu heç cür başa düşə bilmirəm.
Sədrlik edən. Oldu. İndi onu izah edərlər. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Mən Çingiz müəllimə təşəkkürümü bildirirəm. O elə mənim verəcəyim sualı verdi. Əslində, burada bir neçə şəxs elə bu suala görə çıxışa yazılıbdır. Amma mənim bir sualım da var. Təhsilin magistratura səviyyəsi də bura daxil olacaq, yoxsa olmayacaq? Hörmətli Şəmsəddin müəllim buna da bir aydınlıq gətirsəydi, təşəkkür edərdim. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa müəllim, Sizin də sualınız var? Buyurun.
M.Quliyev. Çox sağ olun. Oqtay müəllim, mən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər” ifadəsinə dair izahat vermək istəyirəm. Bizim milli qanunvericiliyimizə, eləcə də “Uşaq hüquqları haqqında” Konvensiyaya görə 18 yaşa qədər şəxs uşaq sayılır. Amma ola bilər, bu şəxs tələbə olsun, 19 yaşında valideynlərini itirsin. Bu halda ona da valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bərabər status verilə bilər. Yəni “onların arasından olan şəxslər” ifadəsi bu qanunu daha da humanist edir və onun daha çox insanlara şamil olunmasına imkan yaradır. Sağ olun.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli cənab Sədr. Elə mənim də sualım “habelə onların arasından olan şəxslər” ifadəsi ilə bağlı idi. Amma mən bir şeyi də qeyd edim. Biz axı bu maddəni artıq qəbul etmişik. Bu, sadəcə, uyğunlaşdırmadır. Amma biz burada deyirik, “valideynlərini itirmiş”. Mənim bildiyimə görə, hətta bir valideynini itirmiş, digər valideyni isə birinci və ikinci qrup əlil olan uşaqların da təhsil haqqı dövlət hesabına ödənilir. Amma buradan belə çıxır ki, bu güzəşt ancaq hər iki valideynini itirmiş uşaqlara aiddir. Ona görə mən çox xahiş edirəm ki, bu məsələ də maddədə konkret əks etdirilsin.
Sədrlik edən. Elə bu da həmin o habelənin içindədir. İndi yəqin ki, bu məsələləri Şəmsəddin müəllim izah edəcək. Çıxış üçün təkid edən var? İki nəfər təkid edir – Musa Qasımlı, Qüdrət Həsənquliyev. Sonra səsə qoyarıq. Amma xahiş edirəm sizdən, – xəbərdarlıq etmişəm, – yalnız bu məsələ barədə. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə cənab Sədrimizə şərait yaratdığı üçün təşəkkür edirəm.
“Təhsil haqqında” Qanunda edilən dəyişikliklə bağlı konkret mülahizələrimi bildirmək istəyirəm. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olmaması və ya az olması bizim hamımızın istəyi, təmənnası olsa da, taleyin işidir. Elələri var və bundan sonra da olacaq. Həmin uşaqlar təhsil ala bilmir, bəzən bu məsələdə qohum-əqrəbanın ümidinə qalır, bəzən də taleyin acı hökmünə buraxılırdılar. Bunun da acı nəticələri olurdu. Belə uşaqlara sahib çıxmaq artıq bir tələbata çevrilmiş, sosial tələbat olmuşdu. Nəhayət, belə bir sahib tapıldı. Bu, dövlət baba oldu. Mənə elə gəlir, bu yüksək məclisdə biz məhz bunu vurğulamalı idik ki, bu qanuna edilən dəyişikliyin fəlsəfəsi, dövlət–cəmiyyət, dövlət–insan, dövlət–yetim uşaqlar münasibətlərində mahiyyəti nədir?
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi barədə Prezidentimiz tərəfindən daxil olan təklifin çox böyük mənası var. Bu həm dövlət rəhbərinin humanizmini, həm dövlətimizin sosial yönümlü siyasət yürütdüyünü, həm də yetim uşaqların valideyni, himayəçisi olduğunu, onlara yiyə çıxdığını göstərir. Çox şükürlər olsun ki, bir zamanlar bizim üçün xəyal olan bir çox işlər bu gün dövlətimizin maliyyə imkanlarının artması hesabına gerçəkləşir.
Bu dəyişiklik neçə-neçə insana sevinc bəxş edəcək, adamlarımızda dövlət sevgisi hissini artıracaq. O həm də dövlətimiz üçün çox gözəl bir ənənənin əsasını qoyur. Dövlət yetim uşaqlara sahib çıxır.
Amma Oqtay müəllim, mən komitənin iclasında olmadığım üçün bir məsələyə dəqiq aydınlıq gətirilməsinin vacib olduğu qənaətindəyəm. Fikrimcə, qanunda yaş həddi dəqiq göstərilməlidir. “Habelə onların arasından olan şəxslər” dedikdə bunun hansı yaşadək insanlara aid olduğunu bilmək olmur. Axı 20 yaşda, 25 yaşda ali məktəbə qəbul edilən şəxs də yetim ola bilər. Bunlar dəqiq olmalıdır.
Nəhayət, mənim parlamentin işini işıqlandıran jurnalistlərdən, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir xahişim var. Bu, müstəqillik dövründə bizim dövlət ənənələrimizin, dövlət–cəmiyyət münasibətlərinin qurulması üçün edilən ən gözəl dəyişikliklərdən biridir. Jurnalistlərimizdən xahiş edirəm, bunu kütləvi informasiya vasitələrində çox geniş və dərindən işıqlandırsınlar, bunun mənasını açsınlar. Qoy bizim cəmiyyətimiz bunu bilsin. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, hökumətin bu addımı ciddi şəkildə təqdir olunmalıdır. Yəni cəmiyyətin çoxdan gözlədiyi bir qərardır. Amma mənim üçün bir şey maraqlıdır. Burada Musa müəllim söylədi ki, insan 18 yaşa qədər uşaq sayılır. Tutaq ki, həmin o valideyni olmayan uşaq bir il müsabiqədən keçə bilmədi, ali məktəbə 19 yaşında girdi. Bax ona da bu qanun tətbiq olunacaq, yoxsa yox? Ona görə də Musa müəllimin qeyd etdiyi kimi, burada qeyd olunmalıdır ki, hansı yaşa qədər valideyni olmayan şəxs ali məktəbə daxil olursa, təhsil haqqını ödəməkdən azad edilir.
İndi bizdə əyani təhsil 35 yaşa qədərdirsə, qiyabi təhsil insanın ömrünün axırına qədər də ola bilər. Valideyni olmayan şəxs 25 yaşında, 30 yaşında instituta daxil olsa, bunun təhsil haqqı necə ödəniləcək? Mənim fikrimcə, valideyni olmayan uşaqlara bir neçə il, ən azı 5 il belə bir şans verilməli, onun bu hüququ tanınmalıdır ki, 5 il ərzində instituta girərsə, onun təhsil haqqı dövlət hesabına ödənilsin.
Mən hesab edirəm ki, bu güzəşt ünvanlı sosial yardım alan şəxslərin də uşaqlarına şamil edilməlidir. Hökumət bu məsələni də müzakirə etsə, yaxşı olar. Bunlar dolana bilmir, hətta minimal səviyyədə yaşaya bilmirlər deyə dövlət onlara ünvanlı sosial yardım göstərir. Belə bir adamın uşağı instituta girsə, onun təhsil haqqını o necə ödəyə bilər? Həmin uşaq elə  valideyni olmayan şəxs kimi sayılır da. Ona görə növbəti mərhələdə mən hesab edirəm ki, ünvanlı sosial yardım alan şəxslərin də övladlarına bu hüququn tanınması doğru olar.
İqbal bəy bayaq çıxışında bunun müharibə əlillərinə də şamil olunmasını təklif etdi. Mən hesab edirəm, bunu hamıya şamil etmək olmaz. Ona görə ki, elə əlil var sahibkardır. Yəni burada da seçmə qaydada bu məsələlərə yanaşılsa, doğru olar. Hansı əlillər ki ünvanlı sosial yardım alır, hesab edirəm, biz o əlillərin uşaqlarını təhsil haqqından azad edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bayaq da dedim, konkret mövzudan kənara çıxmayın. Hər hansı bir qanunda dəyişiklik ediləndə onun arxasınca 10–15 dənə də məsələ qaldırırıq ki, filanlara da şamil olunsun, filankəslər də nəzərə alınsın. İndi yaş həddinin qaldırılması barədə də təkliflər səsləndi. Bu qanundur, buna belə yanaşmaq olmaz. Hər şeyin həddi var. O hədd də gözlənilməlidir. Şəmsəddin müəllim, Siz bir şey əlavə etmək istəyirsiniz? Buyurun. Şəmsəddin müəllimə mikrofon verin. Bununla məsələni yekunlaşdırırıq. 
Ş.Hacıyev. İki kəlmə ilə demək istəyirəm ki, bu Qanun, doğrudan da, çox humanist bir qanundur. Dövlət bu kateqoriyadan olan uşaqların təhsil alması üçün  şərait yaradır və onların təhsil haqlarının ödənilməsini də öz üzərinə götürür. Bundan gözəl nə ola bilər?
Nəzərinizə çatdırım ki, bu gün biz “Təhsil haqqında” Qanunu “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununa uyğunlaşdırmaq məqsədi ilə bu qanun layihəsin müzakirəyə çıxarmışıq. O qanunda həmin kateqoriyadan olan uşaqların yaş həddi dəqiq göstərilib. O qanuna baxsanız görərsiniz ki, bu imtiyaz  yalnız ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 18 yaşınadək uşaqlara şamil olunur. Amma onlar 23 yaşına qədər orta məktəbi və ya orta ixtisas təhsili müəssisəsini qurtarmayıblarsa, yaxud ali təhsili davam etdirirlərsə, həmin müddət ərzində təhsil haqqından azad olunurlar. Yəni bu xərclər dövlət tərəfindən ödənilir.
Millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, yeni maliyyələşmə sisteminə keçməklə bağlı olaraq bu gün ödənişsiz təhsil yoxdur. Sadəcə olaraq, dövlət sifarişi ilə qəbul olunan uşaqların və bir də imtiyazlılar qrupuna daxil olan qaçqınların və məcburi köçkünlərin övladlarının təhsil haqları dövlət büdcəsindən ödənilir. Bu qanun layihəsində isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqlarının da dövlət tərəfindən ödənilməsi təklif olunur.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bizim üç məsələmiz qalıb. Əgər etiraz etmirsinizsə, fasiləsiz işləyək.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Deməli, fasiləsiz işləyirik. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə təklif olunmuş 155.2-1-ci və 155.2-2-ci maddələr son vaxtlar əhalinin narazılığına səbəb olan bir məsələni aradan qaldırmağa yönəlib. Belə ki, avtomobil sürücüləri bəzən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə xüsusi avadanlıqlar quraşdırır və yaxud olanları dəyişdirirlər. Bunun nəticəsində xüsusi səslər meydana gəlir ki, bu da əhalinin rahatlığını pozur. Bu xətanı aradan qaldırmaq, ona qarşı bir sanksiya tətbiq etmək məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə 155.2-1-ci və 155.2-2-ci maddələr əlavə olunur. Burada cərimə sanksiyaları kifayət qədər ciddi, 1000 manata qədərdir. Eyni zamanda, bilirsiniz ki, “Avtoxuliqanlıq” adlanan xüsusi bir maddə var. O maddənin də cərimə sanksiyaları sərtləşdirilir, bir neçə yüz manat artırılmış olur.
Hesab edirəm ki, bu dəyişikliklər göstərilən xətalara qarşı hüquq mühafizə orqanlarının görə biləcəyi tədbirləri daha da təsirli edə bilər. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən belə başa düşdüm ki, Oqtay müəllim, mən çıxışa yazılanda müzakirələr olur, yazılmayanda müzakirələr kəsilir. Bəlkə də belə bir imkan yaratdığınıza görə Sizə təşəkkür...
Sədrlik edən. Sən özünə çox yüksək qiymət verirsən, o biri deputatları çox aşağılayırsan. Ona görə sözlərinə fikir ver, xahiş edirəm.
F.Mustafa. Oqtay müəllim, bunu özümdən razı olduğum üçün yox, sadəcə, zarafat olaraq dedim. Hər halda bəzi aktual məsələlərdə çıxışa yazılırıqsa, deməli, sözümüz var. Belə kobud cavab verməyinizi də düzgün hesab  etmirəm.
Avtoxuliqanlıqla bağlı məsələyə münasibət bildirmək istəyirəm. Mən hesab edirəm ki, burada müəyyən dəyişikliklərin edilməsi, sanksiyaların artırılması müsbət addımdır. Amma bayaq toxunduğum bir məsələyə qayıtmaq istəyirəm. Avtoxuliqanlıqla məşğul olanlar, əsasən, kimlərdir? Gənclərdir. Hər halda yaşlı insanlar xuliqanlıq etmir, avtomobillərini ictimai qaydanı pozacaq səviyyədə idarə etmirlər.
Bəs gənclərin bunu etməsinin səbəbi nədir? Səbəbi gənclərin izafi enerjisi və özlərini necəsə ifadə etmək istəyidir. Bu, emosiya ilə bağlı məsələdir. Bu insanlara harada isə özlərini ifadə etmək lazımdır. Bunu da ümumi təhsil səviyyəsi aşağı olan, geniş dünyagörüşü olmayan gənclər öz avtomobilləri vasitəsilə etməyə səy göstərirlər.
Ona görə də bu gənclərin enerjisinin başqa sahələrə yönləndirilməsi, idman komplekslərinin onların üzünə açılması işini sürətləndirməliyik. Bayaq dedik, idman komplekslərində onlara ayrı-ayrı pulsuz xidmətlərin göstərilməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Çünki avtoxuliqanı nə qədər cəzalandırırsan cəzalandır, o, mütləq bu enerjini harada isə çıxarmalı, bunu harada isə nümayiş etdirməlidir.
Cəzanı artırsan, onu lap həbs eləsən də vətəndaşların səhhəti, sağlamlığı üçün təhlükə yaradan bu problem yenə qalacaqdır. O baxımdan da mən hesab edirəm ki, cəzanı artırmaq əvəzinə bu istiqamətdə işi gücləndirmək, gəncləri həvəsləndirərək hansısa sahəyə yönləndirmək, idmanın müxtəlif növlərinə, məsələn, velosiped idmanına, alpinizmə cəlb etmək lazımdır. Belə olmadıqca bu sanksiyanın sərtləşdirilməsinin də bir mənası olmayacaqdır.
Sədrlik edən. Hörmətli Fazil müəllim, indi Siz burada danışdınız. Birinci, mənim Sizinlə zarafatım yoxdur ki, Siz Milli Məclisdə mənimlə zarafat edəsiniz. Siz dediniz, mən cavabını verdim. Siz öyrənmisiniz, hər sözün dalıyca bir replika atasınız. Birdən-ikiyə mənim Sizinlə zarafatım var, deyirsiniz zarafat edirəm? Elmira Axundova buyursun.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hər gün mavi ekranlardan eşitdiyimiz avtomobil qəzaları, ölüm və bədbəxt hadisələrlə bağlı xəbərlər hər birimizi üzür. Xüsusilə də son vaxtlar bu cür bədbəxt hadisələrin sayı artmışdır. Bu baxımdan cərimələrin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər labüddür.
Bununla bağlı qeyd etmək istəyirəm ki, Məcəllənin 296-1.1-ci maddəsində 400 manatdan 600 manatadək olan cərimə 500 manatdan 750 manatadək, 296-1.2-ci maddəsində isə 600 manatdan 800 manatadək olan cərimə 750 manatdan 1000 manatadək olacaqdır. Düşünürəm ki, bu artım cərimələr arasındakı fərqə görə ağlabatandır. Amma Məcəllənin 155-ci maddəsindəki 80 manatdan 100 manatadək olan cərimənin birdən-birə 500 manatdan 800 manatadək artırılması anlaşılmır. Bakıda bəzi köhnə maşınların qiyməti elə o qədərdir. Hamımız da gözəl bilirik ki, əksər şəxslər bu cəriməni ödəyə bilməyəcəklər. Bu isə nəticədə sürücü ilə polis əməkdaşı arasında korrupsiya və rüşvətə səbəb ola bilər.
Bir də, sanksiyaların sərtləşdirilməsi ilə bağlı çox vacib bir qeyd etmək istərdim. Bildiyimə görə, bu yaxınlarda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə müşavirə keçirib. Orada belə bir fikir səslənib ki, yollarda ölüm hallarının sayı artdığı üçün sürücülərə qarşı sanksiyalar sərtləşdirilməlidir. Hətta belə bir təklif irəli sürülüb ki, baş vermiş yol qəzasında iki nəfər öldüyü halda sürücülərin cinayət məsuliyyəti artırılsın. Yəqin ki, yaxın gələcəkdə bizə müvafiq qanunvericilikdəki bu dəyişikliklə bağlı qanun layihəsi gələcək.
O müşavirədə belə bir misal da çəkilib ki, baş vermiş bir yol qəzasında iki nəfər öldüyü halda heç bir şikayətçi olmadığı və tərəflər barışdığı üçün sürücüyə 5  il verilib və yüksək çinli məmurlardan biri bildirib ki, bu cəza həddən artıq yüngüldür. Mən bu fikr heç cür anlaya bilmirəm. Axı biz gərək hər bir məsələyə fərdi yanaşaq. Əgər hadisə piyadaların ehtiyatsızlığı üzündən baş veribsə, bu beş il də həddən artıq çoxdur. Araşdırmaq lazımdır.
Bildiyimiz kimi, ölkə rəhbərinin göstərişi ilə Azərbaycanda yol infrastrukturu sürətlə inkişaf edir. Respublikamızda müasir standartlara cavab verən, yüksək sürət həddi nəzərdə tutulan yollar çəkilir və bu proses davam etdirilməkdədir. Həmin yollarda piyadaların müəyyən olunmamış yerlərdən keçməsi qadağandır. Amma sizlər də şahidi olursunuz ki, məsələn, Bakı – Heydər Əliyev adına aeroport, Bakı – Ələt arasındakı traslarda piyadalar yerüstü keçid olduğu halda yolun qadağan olunduğu hissələrindən keçir və nəticədə öz məsuliyyətsizliklərinin qurbanı olurlar. Belə olan halda avtomobili saatda 120 kilometr sürətlə idarə edən sürücü qəzadan necə yayına bilər? Avropada hətta bu cür ölüm halına və hadisəyə görə məsuliyyət nəzərdə tutulmur. Ədalət naminə demək lazımdır ki, bu halda sürücülərə ağır cəza tələb etmək düzgün deyil. 
Ümumiyyətlə, hüquqi mədəniyyətsizlik yollarımızda, doğrudan da, yüksək həddə çatıb və yalnız cərimələrin artırılması ilə biz vəziyyəti dəyişdirə bilmərik. Yol qaydalarını pozanlara qarşı cəmiyyətdə dözümsüzlük şəraiti yaradılmalıdır. Əksər sürücülər təzədən kurslara getməli və həqiqi imtahan verməlidirlər. Məktəblərdə yol mədəniyyəti, yol qaydaları üzrə xüsusi saatlar olmalıdır. Mən hələ televiziyalarda sosial roliklər  haqqında demirəm, yüksək cərimələr də öz yerində. Belə olan halda dəhşətli vəziyyət tədricən müsbətə doğru dəyişəcək. Mən bax bu yöndə Fazil Mustafa ilə tam raziyam ki, ancaq cərimələrlə biz heç nə eləyə bilməyəcəyik.
Sədrlik edən. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Mühərrikin səs gücünün artırılması məqsədi ilə avtomobilin işlənmiş qazları xaricetmə sisteminə əlavə avadanlıq quraşdırmaqla avtomobilin əcaib səs çıxarması, təbii ki, ətrafdakı insanların əsəblərinə təsir edir, onların rahatlığını pozur. Bu cür halların son dövrdə çoxalması heç kim üçün sirr deyil və mən qanunvericilik təşəbbüsü qaydasında belə bir layihənin parlamentə göndərilməsinə görə öz təşəkkürümü bildirirəm.
Heç kim üçün sirr deyil ki, bu hallar keçmiş sovet maşınları ilə olmur, bahalı maşınlarla olur. Bir sözlə, bu qanun pozuntularını törədənlər, – ifadəmə görə üzr istəyirəm, – bir az harınlamış insanlardır və parlamentin buna çox çevik şəkildə reaksiya verməsi, bu maddələri İnzibati Xətalar Məcəlləsinə daxil etməsi çox təqdirəlayiq haldır.
Cənab Sədr, mən başqa bir halı vurğulamaq istəyirəm. İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması halları sadalanır. Onların arasında bizim təxminən iki-üç il bundan əvvəl ayrıca bir maddə şəklində verdiyimiz bir hal var idi ki, bu da piyadaların keçid zolağına daxil olanda avtomobil sürücüsünün onlara yol vermək vəzifəsi ilə bağlı idi. O vaxt biz sanksiyaları da artırdıq və bunu ayrıca maddə şəklində verdik. O indi çox uğurlu və işlək bir maddəyə çevrilib.
Mən düşünürəm ki, bu gün təcili yardım və yanğınsöndürmə maşınlarına yol verilməməsinə görə sürücülərin məsuliyyətini müəyyən edən müddəaların ayrıca bir maddə şəklində verilməsi və sanksiyanın artırılması məqsədəuyğun olardı. Düzdür, 151.2-ci maddədə bu var və sanksiya da 60 manata qədər cərimədir. Amma bu heç bir effekt vermir. Ona görə düşünürəm ki, sürücülərin piyadalara yol vermək öhdəliyi kimi bu da ayrıca maddə şəklində verilməli və ən azından 500 manata qədər cərimə müəyyən edilməlidir. Çünki, – mənim əlimdə Təcili yardım stansiyasından daxil olan bir məlumat var, – doğrudan da, acınacaqlı haldır ki, ən yaxın məsafəyə belə bir saata yaxın gedib çata bilirlər. Sözsüz ki, bu sürücülük mədəniyyəti ilə bağlı olan bir məsələdir.
Mən birbaşa bu layihə ilə bağlı olan başqa bir cəhətin də üzərində dayanmaq istəyirəm. Cənab Sədr, biz avtoxuliqanlığa görə sanksiyaları sərtləşdirir, cərimələrin yuxarı həddini artırırıq. Amma qanun pozuntusu ilə effektiv mübarizə aparmaq üçün təkcə maddənin sanksiya hissəsini sərtləşdirmək kifayət deyil. Bunu hüquqşünaslar yaxşı bilirlər. Eyni zamanda, maddənin dispozisiya hissəsində həmin əməlin modelini daha ideal şəkildə, bütün komponentlər daxil olmaqla vermək lazımdır. Məsələn, “Avtoxuliqanlıq” adlı 296-1-ci maddədə ağırlaşdırıcı hal yalnız il ərzində təkrarən avtoxuliqanlığın törədilməsidir. Amma biz hamımız bilirik ki, avtoxuliqanlıq sərxoş vəziyyətdə, sürücülük hüququ olmayan şəxs tərəfindən, habelə bir qrup şəxs tərəfindən də törədilir. Bunlar da  həmin qanun pozuntusunun ağırlaşdırıcı hallarıdır. Əfsuslar olsun ki, bunlar maddədə göstərilməyib.
Mən düşünürəm ki, hörmətli Əli müəllim və bizim komitə bunları nəzərə alacaqdır. Mənim təxminən 3 il bundan əvvəl hazırladığım belə bir layihəm var və bu məsələyə qayıdıb həmin maddəni daha da dolğunlaşdırmaq olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mən Sizin sözünüzü yarımçıq kəsmədim. Ondan qabaq söyləmişdim, konkret layihəyə aid fikrinizi deyin. Siz həmin komitənin üzvüsünüz, o komitədə iştirak etmisiniz, qol çəkib bu sənədi göndərmisiniz. Bu məsələni komitədə qaldırın, məsələni genişləndirin, yoxsa indi Milli Məclisin qanun layihəsindən kənara çıxıb... Biz yol hərəkəti qaydalarını müzakirə eləmirik ki, Rafael müəllim. Sən axı hüquqşünassan. Komitədə bunları müzakirə eləyib göndərərdiniz. Bahar xanım.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən yalnız bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Artıq xeyli müddətdir ki, biz ən müxtəlif inzibati xətalara, hüquqpozmalara görə sanksiyaların sərtləşdirilməsi barədə qərarlar qəbul edirik və hesab edirəm, çox düz edirik. Bu sahədə də dünyada olan praktikaya biz öz qanunvericiliyimizi uyğunlaşdırmalıyıq və insanlarımızı da buna öyrətməliyik.
Amma hər dəfə də bu məsələlər müzakirə olunanda həmkarlarımız məsələni belə qoyurlar ki, cərimələrin miqdarı çoxdur, insanlar bunu ödəyə bilməyəcəklər. Biz başqalarının hüquqlarını pozmayan, öz məsuliyyətini anlayan, yol hərəkəti qaydalarına əməl edən sürücüləri cərimə eləmirik. Biz bu qaydaları şüurlu surətdə, məqsədli şəkildə pozan, Fazil müəllim demişkən, özünü ancaq bu yolla göstərən insanları başqalarının hüquqlarını və yol hərəkəti qaydalarını pozduqları, cinayət hallarının baş verməsinə səbəb olduqları üçün cəzalandırırıq. 
Əgər biz düşünsək ki, enerji oğrusunun əmək haqqı onun oğurladığı enerjinin cəriməsini ödəməyə kifayət etmir, ona görə də cəriməni azaltmalıyıq, biz oğrunun işinə rəvac vermiş olarıq. Eləcə də bu cür qaydaları pozan insanın hərəkətlərinə adekvat cərimələr tətbiq olunmalıdır ki, bunları ödəmək üçün onun imkanı məhdud olsun. Bu onu ən azı düşünməyə vadar eləsin. Düşünməyə vadar eləsin ki, mən bunu niyə eləyirəm. Bu cəzanın da bir təsiri olsun.
Ona görə də mən çox xahiş edirəm, bu cərimələri ödəməli olan insanların hüquqlarını qorumaqdan kənar dayanaq və imkan verək ki, qanunvericiliyə etdiyimiz bu dəyişikliklər müəyyən təsirli vasitəyə çevrilsin. Mənim söyləmək istədiyim bu qədər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanunda dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.10 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq cənab Prezident tərəfindən 2013-cü il 16 may tarixində fərman imzalanmışdır. Həmin fərmanın 1.2-ci bəndində Nazirlər Kabinetinə 3 ay müddətində 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi ilə bağlı qanun layihəsinin işlənib hazırlanması tapşırığı verilmişdir.
Hazırda müzakirəmizə təqdim olunan bu qanun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə və eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan mübahisələri tənzimləyir.
Qanun 8 maddədən ibarətdir. Fərdi identifikasiya kartı 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində vətəndaşlığını təsdiq edən rəsmi sənəddir. Bu kartla ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi mümkün deyildir. Elektron daşıyıcısı – cip olan bu sənəd doğum haqqında şəhadətnamə ilə birlikdə uşağa 15 yaşına qədər istifadə etməsi üçün verilir.
Qanunun 7-ci maddəsində bu qanunun tələblərinin həm fiziki şəxslər, həm də vəzifəli şəxslər tərəfindən pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Burada vəzifəli şəxslər tərəfindən identifikasiya kartının verilməsindən imtina edən, onun verilməsi üçün vətəndaşın qanuni nümayəndəsindən nəzərdə tutulmayan sənədlər tələb edən, süründürməçiliyə yol verən vəzifəli şəxslərin, eləcə də identifikasiya kartını qəsdən korlamaqda, oğurlamaqda, saxtalaşdırmaqda, satmaqda, qanunsuz istifadə etməkdə təqsirli bilinən fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan  qaydada məsuliyyət daşımaları nəzərdə tutulmuşdur.
Bu qanunun 2015-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Amma bir şeyi də qeyd eləyim ki, qanun layihəsi komitədə müzakirə olunduqdan sonra işçi qrupu fəaliyyət göstərib və Ədliyyə Nazirliyi, parlamentin müvafiq şöbəsi və bizim komitə tərəfindən müəyyən təkliflər nəzərə alınıb. Ona görə də sizə təqdim olunan layihədə bəzi dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunur.
Misal üçün, qanun layihəsinin 6.2-ci maddəsində təkrarçılıq olduğuna görə biz bu maddənin “Vətəndaş öldükdə onun fərdi identifikasiya kartı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir” cümləsi ilə tamamlanmasına üstünlük vermişik. Sonrakı hissə təkrar olduğu üçün çıxarılması təklif edilir. Bundan başqa, Konstitusiyanın 94-cü maddəsində əks olunmuş “insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı” sözləri 15 yaşı tamam olmamış uşaqlara da aid olduğu üçün təklif edilir ki, qanunun preambulasına Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndi əlavə olunsun. Yəqin ki, ikinci oxunuşda bu təkliflər də nəzərə alınacaq. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, sualınız var? Buyurun.
E.Axundova. Çingiz müəllim, 3-cü maddədə deyilir ki, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə veriləcək. Bu havayıdır, ya pullu xidmətdir, buna görə nə qədər konkret pul veriləcək? Havayı deyilsə, bu bir az əhalinin vəziyyətini çətinləşdirəcək. Baxın, 7 uşağı olan vətəndaş bu uşaqlara görə nə qədər pul verməlidir. Bəlkə pulsuzdur?
Sədrlik edən. Çingiz müəllim, buyurun.
Ç.Qənizadə. Hörmətli Elmira xanım, qanunda nəzərdə tutulur ki, doğum haqqında şəhadətnamə verən orqanda bu kartlar heç bir rüsum ödənilmədən təqdim ediləcəkdir.
Sədrlik edən. Elmira xanım razı qaldı. Xahiş edirəm, münasibət bildirək. İkinci oxunuşdan sonra əgər başqa suallar çıxmazsa, bunu üçüncü oxunuşda qəbul edərik. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.16 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, konseptual olaraq birinci oxunuşda qəbul elədik.
Nəhayət, sonuncu məsələ – Akkreditasiya haqqında qanun layihəsi. Birinci oxunuş. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Prezident cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş bu qanun layihəsi, şübhəsiz ki, qəbul olunduqdan sonra Azərbaycan iqtisadiyyatının daha keyfiyyətli inkişafına, daxili bazarın təhlükəli məhsullardan qorunmasına, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və sahibkarlığın inkişaf etdirilməsinə xidmət edəcəkdir. Akkreditasiya uyğunluğun qiymətləndirilməsi orqanının bu fəaliyyəti yerinə yetirmək üçün Azərbaycan Respublikasının  texniki normativ hüquqi aktlarında müəyyən olunan tələblərə cavab verdiyinin və həmin fəaliyyəti həyata keçirməyə səlahiyyətli olduğunun rəsmi tanınması prosesidir.
Dünya və MDB ölkələrinin əksəriyyətində bu sahə xüsusi qanunla tənzimlənsə də, Azərbaycan Respublikası bu sahədə qanunun olmadığı azsaylı ölkələrdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli sərəncamı ilə ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmaq prosesi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər planı təsdiq edilmişdir. Bu qanun layihəsi həmin tədbirlər planının tərkib hissələrindən biridir.
Qanun layihəsi 4 fəsil, 13 maddədən ibarətdir. Akkreditasiya haqqında qanunun məqsədi Azərbaycan Respublikasının akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də Azərbaycan Respublikasında akkreditə edilmiş uyğunluğun  qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq və inspeksiya hesabatlarının tanınmasını təmin etmək, istehlakçıların və digər  tərəflərin uyğunluğunun  qiymətləndirilməsi nəticələrinə əminliyi təmin etmək, o cümlədən ticarətdə texniki maneələri akkreditasiya vasitəsilə mümkün dərəcədə azaltmaq, Azərbaycan Respublikasının akkreditasiya sisteminin beynəlxalq və regional akkreditasiya sisteminə uyğunlaşdırılmasıdır.
Qanun layihəsi Azərbaycan Respublikasının akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının və akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanlarının iş prinsiplərini, akkreditasiya prosedurlarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın qaydalarını müəyyən edir.
Qanun layihəsi Avropa Birliyinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və  Patent üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış, daha sonra Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli ekspertləri ilə birlikdə Avropa Birliyinin tələbləri, habelə Şərqi Avropa və MDB ölkələrinin müvafiq qanunvericiliyi əsasında əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, beynəlxalq təşkilatların tələblərinə və qabaqcıl təcrübələrinə uyğunlaşdırılmışdır.
Qanun  layihəsi ilk dəfə olaraq ölkəmizdə milli akkreditasiya orqanının yaradılmasını nəzərdə tutur. Bu orqanın müvafiq beynəlxalq təşkilatlara üzvlüyü və ayrı-ayrı ölkələrlə ikitərəfli sazişlərin bağlanması nəticəsində Azərbaycanda aparılan uyğunluğun qiymətləndirilməsi üzrə işlərin nəticələrinin digər ölkələr tərəfindən tanınması təmin ediləcəkdir. Bu isə yerli istehsalçıların əldə etdikləri milli uyğunluq sertifikatları əsasında öz məhsullarını digər ölkələrə asanlıqla, təkrar sertifikatlaşdırmadan keçirmədən ixracına imkan verəcəkdir.
Hörmətli Oqtay müəllim, dünən Siz yanınızda komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda sual verdiniz ki, Azərbaycanda bu sahədə real vəziyyət necədir, sınaq laboratoriyaları, digər strukturlar varmı? Məlumat üçün bildirmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə artıq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmət yaradılmış və qısa zaman kəsiyində bu istiqamətdə xeyli işlər görmüşdür.
Hazırda ölkədə beynəlxalq standartların tələblərinə cavab verən keyfiyyəti idarəetmə sistemlərinin iki sertifikatlaşdırılması strukturu, beynəlxalq standartların tələblərinə uyğun oxşar məhsulların on üç sertifikatlaşdırılması strukturu, beynəlxalq standartların tələblərinə uyğun beş inspeksiya orqanı, yüz əlli doqquz sınaq və iyirmi altı kalibrləmə laboratoriyası fəaliyyət göstərir.
Akkreditasiya haqqında qanunun qəbulu ilə aşağıdakı nəticələr əldə olunacaqdır: uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təsdiqi ilə bağlı hüquq münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi boşluğun aradan qaldırılması; Azərbaycan Respublikasının akkreditasiya sisteminin formalaşdırılması və fəaliyyət qaydalarının təkmilləşdirilməsi; məhsulların, iş, xidmət və proseslərin keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi; Azərbaycan Respublikasında akkreditə edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq və inspeksiya hesabatlarının xarici ölkələrdə tanınması; istehlakçıların və digər maraqlı tərəflərin uyğunluğun qiymətləndirilməsi nəticələrinə əminliyi; ticarətdə texniki maneələri aradan qaldırmaq üçün Azərbaycan Respublikasının akkreditasiya sistemini akkreditasiya vasitəsilə mümkün dərəcədə beynəlxalq və regional akkreditasiya sisteminə  uyğunlaşdırmaq.
4 fəsildən 12 maddədən ibarət olan bu qanun layihəsi anlayışları, prinsipləri, şikayətlərin verilmə qaydasını, akkreditasiya sisteminin fəaliyyətini tənzimləyir. Hesab edirik ki, bütövlükdə qanun layihəsi konseptual baxımdan tələblərə cavab verir və onun qəbulu yuxarıda sadaladığım müsbət meyllərə nail olmağa imkan verəcək.
Millət vəkilləri komitədə bu məsələni ətraflı müzakirə etdilər. Müzakirədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edirdilər. Çox dəyərli, işgüzar müzakirə oldu. Qeyd edildi ki, qanun layihəsinin dili çox ağırdır. Müəyyən dəyişikliklər tövsiyə olundu ki, o tövsiyələr də, yəqin, ikinci oxunuşa qədər nəzərə alınacaqdır.
Mən millət vəkillərindən xahiş edərdim ki, bu qanuna birinci oxunuşda konseptual baxımdan müsbət münasibət bildirsinlər. Həqiqətən, dünyada bir sivil dövlət kimi tanınırıqsa və bundan sonra daha da inkişaf edəcəyiksə, bu inkişafımızı xarakterizə edən ən vacib göstəricilərdən biri Azərbaycanda akkreditasiya sisteminin qurulması, akkreditasiya xidmətinin yaradılmasıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Əgər başqa təklif yoxdursa, layihəni konseptual cəhətdən birinci oxunuşda qəbul edək. İkinci oxunuşdan sonra lazım olsa, eyni zamanda, üçüncü oxunuşu da keçirərik. Xahiş edirəm, Akkreditasiya haqqında Azərbaycan Respublikası  qanununun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.

 

EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

3 dekabr 2013-cü il

Sədaqət Vəliyeva. Çıxışımda iki məsələyə toxunmaq istəyirəm. Birincisi, Prezident cənab İlham Əliyevin də iştirak etdiyi Avropa Birliyinin III “Şərq tərəfdaşlığı” sammitinin bir sıra reallıqları üzə çıxarmaqla yanaşı, Azərbaycan üçün də əhəmiyyətli hadisə ilə yadda qaldığını qeyd etmək niyyətindəyəm.
Bu sammit siyasi baxımdan Azərbaycan dövlətinin sabit inteqrasiya yolunu seçdiyini və ölkəmizin praqmatik, rasional, balanslaşdırılmış xarici siyasətinin uğurlu olmasını bir daha üzə çıxarmış oldu. Çünki bəzi postsovet dövlətlərində doğru xarici siyasət kursunun müəyyənləşdirilməməsi nəticəsində etirazlar, qarşıdurmalar baş verdiyi halda Azərbaycan sabit halda yoluna davam edir.
Bu sammitdə ölkəmiz Avropaya inteqrasiya sahəsində daha bir uğur əldə etdi. Sammit çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası  arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ilə Avropaya inteqrasiya istiqamətində mühüm addım atıldı. Bununla da Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə, xüsusilə də Şengen zonasına səfəri asanlaşdı, viza və digər məsələlərlə bağlı xərclər azaldıldı. Azərbaycan da avropalılar üçün heç bir əngəl olmadan gələ biləcəkləri bir ölkəyə çevrilir. Əminəm ki, bu tarixi hadisə Azərbaycan üçün mühüm iqtisadi və siyasi nailiyyətlərlə yadda qalacaq.
Toxunmaq istədiyim ikinci məsələ əlillərlə bağlıdır.Bildiyiniz kimi, bu gün Beynəlxalq Əlillər Günüdür. Bu mənada qeyd etmək istərdim ki,  ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən biri əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunmasıdır.
2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası  Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş verib. Ötən dövr ərzində isə əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası  Qanununda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilib.
Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.
2008-ci ildə Azərbaycan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm öhdəliklər götürüb. Əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təmin olunması məqsədi ilə “2013–2018-ci illər üçün Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı”nın və Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası  qanununun layihələri hazırlanıb. Bir sözlə, Azərbaycan əlil kateqoriyasına aid insanların hüquqlarını sosial baxımdan da tam müdafiə və təmin edir.
Amma bu sahədə müəyyən problemlərimiz də var ki, onları da diqqətə çatdırmaq və aradan qaldırmaq vacibdir. Daxil olan müraciətlərin böyük hissəsi birbaşa olaraq tibbi-sosial ekspert komissiyalarının (TSEK-lərin) fəaliyyəti ilə bağlıdır. Sevindirici haldır ki, artıq nazirlik səviyyəsində də bu məsələyə xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizdə sosial sahədəki problemlərin aradan qaldırılması hər bir cəmiyyət üzvünü düşündürür. Düşünürəm ki, bu işdə vətəndaşlar da fəal olmalı və bu sahədəki problemlərin aradan qaldırılmasına töhfə verməlidirlər.

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU