17.12.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU № 79

Milli Məclisin iclas salonu.
17 dekabr 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elçin Nəsibov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.
Ağakərim Səmədzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavə edilməsi barədə.
2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
3. “Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Vahid Əhmədov, İqbal Ağazadə, Fəzail Ağamalı, Flora Qasımova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavə edilməsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 89
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyad Səmədzadə, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

3. “Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər  edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 80
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

 7. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Fazil Mustafa, Elmira Axundova, Siyavuş Novruzov, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

10. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

14. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Qənizadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Təklif:  1–4-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Təklif:  5–8-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI
17 dekabr 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat      (saat 12.04 dəq.)
İştirak edir    94
Yetərsay       83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Xahiş edirəm,  gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr    (saat 12.05 dəq.)
Lehinə    93
Əleyhinə      1
Bitərəf      0
Səs verməd     0
İştirak edir      94
Nəticə:  Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
İclasa başlamamışdan qabaq, icazə verin, sizə bir xoş xəbər çatdırım. Bir saat öncə Azərbaycan xalqının həyatında mühüm hadisə baş verib. “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalandı. İmzalanmış sənəd  ulu öndər Heydər Əliyevin  neft strategiyasının təntənəsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çox gərgin, uzaqgörən strateji siyasətin nəticəsidir. Bu münasibətlə mən sizin hamınızı təbrik edirəm. (Alqışlar.) Bu layihə, əlbəttə ki, gələcəkdə  Azərbaycan xalqının rifahını təmin edəcəkdir.
İndi isə gündəliyin müzakirəsinə keçirik. Əgər gündəliklə bağlı çıxış etmək istəyən varsa, xahiş edirəm, yazılsın. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Cənab Sədrin təbrikinə qoşuluram, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması münasibətilə bütün həmkarlarımı və Azərbaycan xalqını təbrik edirəm. Mən bu sənədi 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” ilə müqayisə eləmək istərdim. XX əsrin müqaviləsi əgər “Əsrin müqaviləsi”dirsə, XXI əsrin müqaviləsi isə “Şahdəniz-2”dir. İnanıram ki, bu layihə “Şahdəniz-3”ə doğru hərəkət edəcək. Mən hesab edirəm ki, “Şahdəniz-2”, sadəcə,  kommersiya, biznes layihəsi deyil, Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində atılan çox sanballı addımdır.
Bu layihənin imzalanması Xəzərdən o tərəfə olan layihələrin də gecikməsinin qarşısını alacaq və Azərbaycan artıq energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Həm Xəzərdən o tayda olan neft və qazın Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasında, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu isə Azərbaycanın həm regionda,  həm də qlobal miqyasda önəmini artıracaqdır. Əminəm ki, “Şahdəniz-2”nin impuls verməsi nəticəsində həyata keçirilən  layihələr, o cümlədən qaz kəmərləri infrastrukturu XXI əsrin qaz siyasətinə korrektələr vermə gücündə olacaq və burada da önəmli rolu Azərbaycan oynayacaq.
Bir umacağımı da qeyd edirəm. Əgər Azərbaycan təxminən 500 milyondan çox insan yaşayan Avropa kimi böyük bir məkanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində, fikirdə, sözdə, işdə fəal iştirak edirsə, Avropa strukturları da Azərbaycanın bir nömrəli problemi olan Qarabağ probleminin həllinə, heç olmasa, özlərinin imzaladığı sənədlərə hörmət kontekstində tamamilə başqa münasibət bəsləməlidirlər. Mən bu umacağımı bir azərbaycanlı kimi mütləq deməliydim. Diqqətinizə görə təşəkkür edir, uğurlu olsun deyirəm. İnanıram ki, bu həm neft sənayesinin, həm də neftdən kənar sahələrin inkişafına təkanverən bir amil olacaq.
Sədrlik edən. Çox doğru söylədiniz. Allah, yəqin, çoxlarına insaf verəcək və bu məsələlər etiraf ediləcək. Həqiqətən, çox böyük layihədir, elə  investisiya tutumu 45 milyarddır. Elə bu bəsdir. Həqiqətən, XXI əsrin layihəsidir. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Cənab Sədr, təşəkkür edirəm ki, bizə çox gözəl xəbər verdiniz. Arzu edirəm ki, inşallah, belə xəbərləri Sizin dilinizdən tez-tez eşidək. Buna da əminəm. Bu, ölkə rəhbəri cənab İlham Əliyevin son illərdəki zəhmətinin, səyinin, gərgin əməyinin, xalqına, elinə, obasına sədaqətinin, səmimiyyətinin nəticəsi kimi qiymətləndirilməlidir və elə də qiymətləndirilir.
Məndən əvvəl Əli müəllim qeyd elədi, bu, Heydər Əliyev tərəfindən müəyyən olunan “Əsrin müqaviləsi”nin, yəni böyük siyasətin uğurlu davamı kimi dəyərləndirilməlidir. Biz təkcə Azərbaycanımızın  bölgələrində deyil, dünyanın ayrı-ayrı ölkələrində olarkən görürük ki, dünyanın, əsasən, karbohidrogenlərə – qaza,  neftə və sairə böyük ehtiyacı var. Dünyanın inkişaf etmiş ölkələrindən sayılan keçmiş Yuqoslaviyada, – indi 6 ölkəyə parçalanıb, – böyük binaların, sanatoriyaların, istirahət məkanlarının və dövlət müəssisələrinin istilik sistemlərində yanacaq, qaz əvəzinə odundan və digər materiallardan istifadə olunur. Azərbaycanın xoşbəxtliyidir ki, Azərbaycan bu gün dünyada  get-gedə dəyəri artan,  tələb və təklif məsələsində daha çox Azərbaycanın xeyrinə olan məsələlərdən birinin, yəni karbohidrogenlərin artmasının mənbəyinə çevrilmişdir. Bu, Azərbaycanın işgüzar əməkdaşlığa “hə”, münaqişəyə, terrora “yox” deyən siyasətinin davamı kimi də qiymətləndirilməlidir. Hesab edirəm ki, Prezidentimizin qədəmləri yüngüldür, bundan sonra da belə olacaqdır. Mən sizə uğurlar arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən  vacib bir məsələyə toxunmaq istəyirəm. Son vaxtlar müşahidəm onu göstərir ki, ictimai-siyasi həyatın aktual məsələləri ilə bağlı hansı mütərəqqi layihələr ölkə Prezidenti cənab İlham Əliyevə təqdim olunursa, dərhal ona müsbət reaksiya verilir. İstər xəstə jurnalistlərin, istər sənət adamlarının, istərsə də müxtəlif insanların problemlərinə həm də Heydər Əliyev Fondu tərəfindən də xüsusi diqqət göstərilir. Bu diqqətin də sonuncu, bəlkə də Azərbaycanda bizim dəqiq qiymətləndirmədiyimiz addımı Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı verilən sərəncamdır. Bu sərəncam ona görə böyük əhəmiyyət kəsb eləmir ki, Məmməd Əmin Rəsulzadənin ona xüsusi ehtiyacı var. Buna Azərbaycan xalqının ehtiyacı var ki, kimsə tarixi özəlləşdirmə vərdişinə alışmasın, ondan uzaqlaşsın. Dövlət ayrı-ayrı tarixi şəxsiyyətlərə sahib çıxmalıdır ki, bunu  bir qrupun, bir dəstənin müəyyən mənada bayraq elədiyi simvollara çevirmək mümkün olmasın. Ona görə də mən bunu yüksək qiymətləndirirəm.
Son vaxtlar Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Təzəpir Məscidinin yerləşdiyi küçədən Mustafa Sübhinin – türk kommunisti, Türkiyə əleyhinə işləyən bir adamın adının götürülməsi və Nabat xanım Aşurbəylinin adının verilməsi təklifinə də dərhal münasibət bildirilməsi onu göstərdi ki, bu mütərəqqi layihələrin vaxtlı-vaxtında çatdırılma problemi var. Çünki bir Prezident ölkə həyatında baş verən hər məsələni olduğu  kimi görmə imkanına sahib deyil, onun ətrafı, komandası bunu mütləq gündəmə gətirməlidir.
Belə vacib məsələlərdən biri də Azərbaycan xalqının xilasında, Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu olan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsidir. Mən istərdim ki, cənab Prezident bu mütərəqqi addımın da müəllifinə çevrilsin. Bunu tarixçilər daha yaxşı bilirlər, amma bu gün, sadəcə, bir sual vermək istəyirəm. Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlməsə idi, bu gün Azərbaycan xalqı harada, nə vəziyyətdə idi və Azərbaycan dövlətinin olub-olmaması məsələsi sual altında idi, yoxsa yox? Bu suala hər bir azərbaycanlı cavab verməlidir. Heç olmasa, Nuru Paşanın adının əbədiləşdirilməsi üçün  hərbi məktəblərə, küçələrə, başqa yerlərə onun adının verilməsi ancaq  özümüzə aid olan bir haqqı tanıma məsələsi kimi qiymətləndirilməlidir.
Bir də, Məmməd Əmin Rəsulzadə ilə bağlı, hesab edirəm ki, parlamentin üzərinə bu sərəncamdan irəli gələn müəyyən vəzifələr düşür. Onun fəaliyyətinin böyük hissəsi parlamentlə bağlı olub. Yaxşı olar ki, Azərbaycan Milli Məclisində ciddi, böyük elmi praktik konfrans keçirilsin və biz parlamentarilər, varislər olaraq onun xatirəsini qeyd edək, borcumuzu yerinə yetirək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də bu gün “Şahdəniz-2” qaz yatağının işlənməsinə dair imzalanmış müqaviləyə görə xalqımızı təbrik edirəm, böyük uğurdur. Ümid edirəm ki, ölkəmizdə sabitlik qorunub saxlanacaq. Biz islahatlar yolu ilə cəmiyyətimizi inkişaf etdirəcəyik və bu müqavilə xalqımızın rifahının yüksəldilməsinə, torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verəcək.
Oqtay müəllim, bir qrup ictimaiyyət nümayəndəsi məsələ qaldırıb ki, Məmməd Əmin Rəsulzadənin 130 illiyi ərəfəsində köhnə “26-lar bağı”na  “Cümhuriyyət bağı” adı verilsin. Mən bu ideyanı dəstəkləyirəm və istəyirəm ki, müvafiq dövlət orqanları bu məsələni araşdırsınlar. Ümid edirəm ki, müvafiq qərarın qəbul olunması doğru və ədalətli bir addım olardı.
Bundan başqa, qarşıdan “Dünya azərbaycanlılarının həmrəyliyi günü”, Yeni il gəlir,  “Şahdəniz-2” yatağının işlənməsinə dair müqavilə imzalanıb. Belə bir dönəmdə həbs olunmalarında siyasi motiv olduğu iddia olunan məhkum olunmuş şəxslərin azad edilməsi milli birliyə və həmrəyliyə xidmət edərdi. İqtidar tərəfindən belə bir qərar qəbul olunsun. Barəsində məhkəmə istintaqı davam eləyən şəxslər haqqında isə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Mən yeni il qabağı bu məsələni qaldırıram və hesab edirəm ki, bu öz həllini tapsa, doğru və ədalətli bir yanaşma olardı. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də öncə iki əsrin müqaviləsi kimi xarakterizə olunan bu əhəmiyyətli milli tədbiri alqışlayıram. Diqqəti 1994-cü ilə çəkənlərin fikirləri ilə bölüşürəm ki, o dövrdə Azərbaycanın iqtisadi-siyasi durumunu dəyişən həmin sənəd kimi, 2013-cü ildə imzalanan bu sənəd də 2023-cü ili, bəlkə də ondan daha uzaq bir gələcəyi hədəf eləməkdədir. O dövrdə ulu öndər tərəfindən atılan addımın strateji mahiyyət daşıdığını qeyd eləyəndə bəlkə də bu günləri görmək çox çətin idi. Onda Azərbaycanı müharibə və işğal reallığı sıxırdı. İndi isə belə bir humanitar fəlakət, iqtisadi böhran və sair qarşısında deyilik. Əminəm ki, ölkə rəhbərinin dediyi kimi, bu, bölgədə Azərbaycanın gücünü artıracaq, siyasi müstəqilliyini möhkəmləndirəcək, eyni zamanda, bölgənin enerji, iqtisadi-siyasi xəritəsini də dəyişəcəkdir.
Heç şübhəsiz, hər kəs bilir ki, Qarabağ münaqişəsinin mayasında neft amili var. Bunlar bir-birinə bağlı məsələlər idi, Azərbaycan Xəzərdə ikinci Qarabağ probleminin yaranmasına imkan vermədi. Bu əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq miqyasda müdafiə olunması, tərəfdaşlar qazanması cəhətdən də önəmlidir.
Cənab Sədr, toxunmaq istədiyim ikinci məsələ Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri ilə bağlıdır. Əlbəttə, ölkə içərisində, ictimai-siyasi dairələrdə Türkiyənin  Ermənistanla bütün münasibətlərini bloklamaq, onun qarşısını almaq mövqeyi də hakim deyil. Qardaş ölkə bizim strateji müttəfiqimiz olsa belə, onların müstəqil qaydada ermənilərin hər hansı bir cəhdini, saxta soyqırımının 100 illiyinin qeydiyyatı ərəfəsindəki hərəkətlərini neytrallaşdırma yönündə müxtəlif addımlar atmaq hüququ var. Lakin bunu iki rayonun qaytarılması, Azərbaycanın da müəyyən maraqlarının tanınması, İsveçrədə imzalanmış protokolların yenidən gündəmə qaytarılması və sair ad altında olması yolverilməzdir.
Biz Türkiyənin Ermənistanla sərhədi açacağı təqdirdə hansı iqtisadi qazancı əldə edəcəyini, hansı siyasi təsirlərdən, təzyiqlərdən azad olacağını təxmin eləyə bilirdik. Amma onda Türkiyənin nə TAP-ı, nə TANAB-ı, nə də bugünkü “Şahdəniz-2”ni və sairəni qazanmayacaqdı. Ona görə də mən o dövrdə də bir az obrazlı olaraq söyləməyə məcbur olmuşdum ki,  Ermənistanla İsveçrə protokolu imzalanırsa, öncə Azərbaycanla belə bir protokol imzalanmalıdır. Baxmayaraq ki, iki ölkə arasında mühüm iqtisadi, siyasi, hüquqi müqavilələr mövcuddur, amma Qarabağ məsələsi Türkiyənin xarici siyasətinin baş probleminə çevrilmişdir və çevrilməlidir də. Bu, siyasi iqtidarlardan asılı olmasın deyə,  bu prosesi sürəkli izləməyək deyə, düşünürəm ki, Türkiyənin bu məsələ ilə bağlı izahat verməsinə ehtiyac var. 
Sədrlik edən. Ay hörmətli Zahid müəllim,  burada izahata nə ehtiyac var, Türkiyənin mövqeyi məlumdur. Türkiyənin Baş naziri hörmətli Rəcəb Tayib Ərdoğan bu zalda hamımızın qarşısında çıxış eləyəndə dedi ki, Dağlıq Qarabağ problemi həll olunmayınca heç bir əlaqə olmayacaq. Ara yazılarına əsaslanıb məsələni bu şəkildə qaldırmağa ehtiyac görmürəm. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın “Şahdəniz-2” layihəsi ilə bağlı təbriklərinə qoşuluram. Bu, ölkəmiz üçün çox böyük layihədir. Bir zamanlar əfsanə kimi görünən layihələrin bu gün  gerçəkliyə çevrilməsi, ölkəmizin inkişafına xidmət etməsi hamımızı sevindirir.
Mən həmkarlarım Fazil Mustafa və Qüdrət Həsənquliyevin  təkliflərini dəstəkləyərək cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı imzaladığı sənəd bütün azərbaycanlılar tərəfindən yüksək səviyyədə qəbul olunur və alqışlanır. Buna dəstək olaraq mən də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında misilsiz xidmətləri olmuş və cümhuriyyət dövründə baş nazir işləmiş Nəsib bəy Yusifbəyli haqqında fikirlərimi söyləmək  istəyirəm. Bu günə qədər onun məzarının harada olması bilinmir. Onun qətlə yetirilməsi ilə bağlı araşdırmalar tam bitmədiyi üçün onun qəbrinin yeri də bilinmir. Yaxşı olardı ki, Nəsib bəy Yusifbəylinin ya Bakıda, ya da Gəncədə bir xatirə abidəsi ucaldılsın. Onun qəbrinin harada olması ilə bağlı araşdırmaların da daha geniş şəkildə aparılmasına çox ehtiyac var, çünki, yenə vurğulayıram, Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında misilsiz xidmətləri olan bir insandır.
İkinci, hörmətli Sədr, il başa çatır, ona görə Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin gündəmə gəlməsinə ehtiyac var. Bəli, bu qanun layihəsində  mübahisəli maddələr var. Biz bu mübahisəli məqamları sonraya saxlaya, yenidən müzakirə edə bilərik. Amma ümumilikdə, qanun layihəsinin müzakirəsinə və qəbuluna ehtiyac var. Bu gün analar, ailələr bizə müraciət edirlər. Statistikaya baxırıq, dağılan ailələri, övladsızlığın böyük problem yaratdığını görürük. Süni mayalanma dünyanın hər yerində var. Ailələrə dəstək məqsədi ilə bu, qanun layihəsinə də salınıb. Bu qanunun qəbul olunması ailələrə xeyli kömək edə bilər. Müsəlman ölkələrinin əksəriyyətində də bu məsələ var, çünki ən vacibi odur ki, ailə dağılmaqdan xilas ola bilsin. Ziddiyyətli məqamlar varsa, biz onları sonra da müzakirə edə bilərik. Ümumilikdə isə bu qanunun  qəbulu vacibdir ki, biz ailələrə dəstək göstərə bilək. Mən ailələr adından bu məsələnin gündəliyə salınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Səhv etmirəmsə, ziddiyyətli maddələr artıq  qanun layihəsindən çıxarılıb. Vahid Əhmədov buyursun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son zamanlar dünyada çox ciddi siyasi proseslər gedir. Xüsusilə Vilnüs Sammitindən sonra Moldovanın, Gürcüstanın assosiativ sazişə,  Azərbaycanın Avropa Birliyi ilə əlaqədar sadələşdirilmiş viza rejiminə imza atması bir daha dünya siyasətində ciddi problemlərin yaranmasından xəbər verir. Son vaxtlar Ukrayna ətrafında gedən siyasi proseslər, Azərbaycanın strateji müttəfiqi olan bir dövlətdə baş verən hadisələr, əlbəttə, millət vəkili olaraq bizi narahat edir.
Bu gün Azərbaycanda Avropa dövlətləri ilə çox mühüm bir saziş imzalandı. Əgər Heydər Əliyev dövründə – 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmışdısa, XXI əsrdə cənab İlham Əliyev tərəfindən qaz kontraktının imzalanması Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün əsas amillərdən biri olacaqdır. Bu müqavilə yalnız siyasi-iqtisadi yox, həm də siyasi bir layihədir. Cənab İlham Əliyev Prezident seçiləndən sonra inauqurasiya mərasimində və xalqa müraciətində  Azərbaycanın Avropaya inteqrasiyasının xüsusi bir xətt olduğunu diqqətə çatdırmışdır.
Bu layihə bir də ona görə vacibdir ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarından Azərbaycanın dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində çox gözəl istifadə edilir. 1,2 trilyona yaxın qaz ehtiyatı olan “Şahdəniz-2” yatağının işlənməsi üçün 7 mühüm neft şirkəti ilə bir yerdə  müqaviləyə imza atması Azərbaycanın gələcək inkişafı və  müstəqilliyi üçün  əsas amillərdən biridir.
Düzdür, Azərbaycanda müxtəlif mövqeli insanlar, Azərbaycanın hansı yolu seçməsi ilə əlaqədar fərqli fikirlər var. Millət vəkili olaraq  bəyan etmək istəyirəm ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət, yəni Avropaya inteqrasiya Azərbaycanın əsas siyasi və iqtisadi məsələlərdə öndə olmasından xəbər verir. Mən bir daha bu sazişin imzalanması münasibəti ilə xalqımı təbrik etmək istəyirəm. Bu yolda Azərbaycanın dövlət başçısına uğurlu siyasət arzu edirəm. Sağ olun.
Sədrlik edən. Vahid müəllim, çoxları bəzən elə fikirləşir ki, Avropaya inteqrasiya etmək üçün hər hansı bir sazişə qoşulmaq lazımdır. Bunun üçün heç bir saziş lazım deyil. Cənab Prezident çox dəqiq bir siyasət aparır, heç bir bloka girmirik, yavaş-yavaş inteqrasiya edirik. Biz heç bir bloka girmədən o ölkələrlə ikitərəfli əlaqələri genişləndiririk, gücləndiririk. Vaxt gələr, müəyyən bir səviyyə olar, ondan sonra digər məsələlərə baxılar. İqbal Ağazadə.
İ.Ağazadə. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən hörmətli millət vəkilləri həm “Şahdəniz-2” layihəsi,  həm də Avropaya inteqrasiya ilə bağlı çox geniş danışdılar. Mən də, təbii ki, bir azərbaycanlı kimi müsbət olan hər bir şeyə sevinirəm və uğurlar arzulayıram.
Eyni zamanda, millət vəkillərinin və ictimaiyyətin diqqətinə cəmiyyətin böyük bir kəsimini narahat edən məsələləri çatdırmaq istəyirəm. Bu, ilk növbədə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlıdır. Təbii ki, bütün çabalar, aparılan siyasət – hər bir şey Azərbaycan insanı üçündür. Amma təəssüflər olsun ki, ölkənin həm mərkəzində, həm də regionlarında siyasi məhbus kateqoriyasına aid olunan insanların məhkəməsi gedir. İstər Bakıda, istər Şəkidə, istər Lənkəranda, istərsə də Şirvan məhkəmələrində hər gün beynəlxalq təşkilatların və o cümlədən ölkə ictimaiyyətinin diqqətini cəlb edən məhkəmə proseslərində siyasi motivlər səsləndirilir. Bu gün İlqar Məmmədov, Tofiq Yaqublu və onlarla birlikdə 18 şəxsin, Qurban Məmmədovun, dindarların həbsi bizi ciddi şəkildə narahat edir.
Dünən də Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin  qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğul olması barədə qondarma bir cinayət işi qaldırıblar. Niyə qondarma cinayət işi deyirəm və niyə birbaşa ittiham edirəm? Çünki qeyri-hökumət təşkilatının fəaliyyət istiqaməti hətta “Qrant haqqında” Qanunu pozsa belə, kommersiya fəaliyyəti kimi qiymətləndirilə bilməz. Olsa-olsa, onun haqqında alınan vəsaitin qeyri-qanuni xərclənməsi istiqamətində mövqe ifadə edilə bilər. Onu qeyri-kommersiya fəaliyyətində ittiham etməməli idilər.
Mən təklif edirəm, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Milli Məclis, o cümlədən mümkün olsa, hörmətli cənab Prezident əfv fərmanı və ya amnistiya aktı ilə çıxış etsin və ölkə 2014-cü ilə barış, dialoq şəraitində qədəm qoysun. Bu günlərdə cənab Prezidentin mətbuat nümayəndələri ilə görüşündə ölkə daxilində problemlərimizi masa arxasında həll edək kimi çağırışını, hesab edirəm ki, müxalifət də çox olumlu qəbul etmişdir. Hesab edirəm ki, bu istiqamətdə atılan ilk addım insan haqlarının vəziyyəti ilə bağlı olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasından bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram və düşünürəm ki, bu, respublika Prezidenti İlham Əliyevin neft strategiyasının reallaşmasında imza atmış olduğu uğurlardan biridir. Bu, Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən ciddi dividendlər gətirəcək və buna qətiyyən şübhə yoxdur. Mən çox istəyərdim ki, Avropa ölkələri tərəfindən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Şahdəniz-2” layihəsinin oynayacağı əhəmiyyətli rolun adekvat cavabı verilsin. Onlar Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində, başqa sözlə desək, ədalətin bərpa olunmasında doğru mövqe tutmalıdırlar. Bunu çox istərdik və arzulayardıq ki, bu, reallaşsın.
İkinci, istərdim ki, Türkiyənin xarici işlər nazirinin İrəvana səfəri ilə bağlı Azərbaycan mətbuatında və Azərbaycan cəmiyyətində yaranmış olan ziddiyyətli fikirlərə münasibətimi bildirəm. Mən düşünmürəm ki, bu gün  Türkiyə dövləti, iqtidarı Milli Məclisdə millət vəkillərinin önündə  həm Azərbaycan, həm də türk cəmiyyətinə vermiş olduğu vədin üstündən  xətt çəkmək arzusundadır. Belə bir şeyi gözləmək, əlbəttə, sadəlövhlük olardı. Çünki Türkiyənin Baş naziri Ərdoğanın vermiş olduğu vəd, demiş olduğu söz Türkiyə dövlətinin demiş olduğu söz və vəddən başqa bir şey deyildir. Ona görə də mən tamamilə əminəm ki, Türkiyə  bütün proseslərdə Azərbaycanın mənafe və maraqlarını birmənalı şəkildə müdafiə edəcəkdir. Türkiyədə 2007-ci ildə başlamış olan futbol diplomatiyasının 2008-ci ilin əvvəllərində gətirib çıxardığı son dərəcə böhranlı anların, Azərbaycan dövlət başçısının iradəsinin, eyni zamanda, Azərbaycan cəmiyyəti ilə  türk cəmiyyətinin yumruq kimi birləşərək sərhədlərin açılmasına qarşı ifadə  etdikləri iradənin, əlbəttə, fərqindədirlər. Mən inanıram ki, bundan sonra da Türkiyə ilə Azərbaycan, iki qardaş dövlət bütün məsələlərdə bir-birinin mənafeyini və maraqlarını müdafiə edəcəklər. Unutmaq olmaz ki, Azərbaycanın ərazi bütövlüyü həm də Türkiyə üçün strateji önəm daşıyır. Bu ərazilər türk torpaqlarının bir hissəsidir. 
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır, cari məsələləri müzakirə edirik. Flora xanım çoxdandır danışmır. Flora Qasımova da danışsın, ondan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Buyurun.
F.Qasımova. Çox sağ olun, Oqtay müəllim. Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu məni və seçicilərimi illərdir, narahat edən bir məsələdir. Qarabağ problemi başlayandan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük işlər görülür. Kitablar çap olunur, məqalələr yazılır, internet saytlarında tarixi həqiqətlərin üzə çıxarılması üçün məqalələr dərc olunur, layihələr həyata keçirilir. Amma bir məsələ bizi narahat edir.
Mən bu yaxınlarda işıq üzü görən bir neçə kitabı vərəqləmişəm. Orada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin işğal olunmuş rayon və şəhərləri arasında Xankəndinin adının olmaması məni narahat edir. O Xankəndi ki, bizim Qarabağ xanlarının istirahət mərkəzi olub və tarixi Azərbaycan torpağıdır. O Xankəndi ki, bir əsrdir, separatizm yuvasıdır. Cənab Prezident dəfələrlə demişdir ki, tezliklə Azərbaycan bayrağı Xankəndidə, Şuşada və başqa rayonlarımızda dalğalanacaqdır. Mən çox təəssüf edirəm ki, işğal olunmuş rayon və şəhərlər haqqında məlumat verilsə də, Xankəndi haqqında məlumat verilmir.
Belə başa düşürəm ki, Xankəndi haqqında ictimaiyyətdə bəlkə də az təsəvvür vardır. Nazirliklərdən, idarələrdən Xankəndinin icra strukturlarına elə məktublar gəlir ki, adamı təəccüb bürüyür. Bunlar başa düşmürlər ki, biz ora məktub göndərə bilmərik, Xankəndi işğal olunmuşdur.
Ermənilər Stepanakertin 90 illiyini qeyd edirlər, biz Xankəndi adını niyə unuduruq? Xankəndi 1991-ci ildən respublika tabeli şəhərdir, 8 min kvadratkilometr ərazisi, Kərkicahan adlı bir qəsəbəsi vardır. Xankəndinin işğalı, onun tabeliyində olan yaşayış məntəqələri və digər məlumatların ictimaiyyətə və xaricdən gələn qonaqlara çatdırılması çox vacibdir. Ermənilər Xankəndini “Stepanakert” adı ilə bütün dünyaya tanıdırlar və Qarabağın, tanınmamış bir respublikanın mərkəzi kimi qeyd edirlər. Amma bu şəhər bizimdir axı. Oqtay müəllim, bəlkə bunun səbəb Xankəndinin icra strukturunun olmamasıdır. Hazırda Azərbaycanın müxtəlif  bölgələrində 10 mindən yuxarı Xankəndidən olan məcburi köçkün yaşayır. Mən belə başa düşürəm ki, Xankəndinin icra strukturu yaradılmalıdır.
Sədrlik edən. Sağ olun, Flora xanım. Dediklərinizdə bəzi həqiqətlər var, onlara baxmaq olar.
Xahiş edirəm, müzakirəni dayandıraq, gündəliyə keçək. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Bəzi dəyişikliklər var, bunlar  sizə təqdim olunub. Bunları bir-bir söyləmək lazımdır, ya hamınız tanışsınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, sizə təqdim olunmuş dəyişikliklərə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr          (saat 12.38 dəq.)
Lehinə      87
Əleyhinə     0
Bitərəf      0
Səs verməd      2
İştirak edir      89
Nəticə:  Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında” Qanun millət vəkilinin səlahiyyətlərini və vəzifələrini müəyyən edir. Eyni zamanda, deputat fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatlar nəzərdə tutulur. Bu sosial təminatlardan biri də Milli Məclis deputatının vəzifə maaşıdır.
Təqdim olunmuş layihədə vəzifə maaşının artımı nəzərdə tutulur. İlk növbədə onu qeyd etməliyəm ki, millət vəkillərinin və Milli Məclisdə vəzifəli şəxslərin əmək haqları Milli Məclis Sədrinin vəzifə maaşına mütənasib olaraq artır. Dəyişiklik ondan ibarətdir ki, Milli Məclisin Sədrinə 1950 manat əvəzinə 2250 manat məbləğində vəzifə maaşı nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, fürsətdən istifadə edib sizin və hörmətli mətbuat nümayəndələrinin diqqətinə çatdırmaq istəyirəm ki, mətbuatda, televiziyada verilmiş bir sıra məlumatlar dəqiq deyil, çünki bu vəzifə maaşından müəyyən məbləğdə vergilər tutulur. Onları bir daha səsləndirmək istəyirəm. 14 faiz gəlir vergisidir, 3 faiz Dövlət Sosial Müdafiə Fonduna, 2 faiz isə Həmkarlar İttifaqına tutulur. Yəni demək istəyirəm ki, bu məbləğin 19 faizi vergi kimi çıxılmalıdır. Bu baxımdan daha dəqiq rəqəmi söyləyərdim. Milli Məclis Sədrinin vəzifə maaşı 1822 manat edir. Təbii ki, buna mütənasib olaraq Milli Məclis Sədrinin  birinci müavini, müavinləri, komitə sədri, komitə sədrinin müavinləri və Milli Məclisin deputatları onun 90, 85, 80, 75 və 70 faizi məbləğində vəzifə maaşı alacaqlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Cənab Sədr, hörmətli millət vəkilləri! Heç şübhəsiz ki, Azərbaycanda aparılan uğurlu iqtisadi, sosial siyasət iqtisadiyyatın müxtəlif sahələrində çalışan insanların əmək haqlarının sistemli şəkildə artmasını təmin edir. Respublika üzrə son illərdə, yəni 2008-ci ilə nisbətən orta aylıq əmək haqqı 51 faiz artmışdır. Bütün sahələrdə artım müşahidə olunur. Büdcə təşkilatlarında əmək haqqı 43 faiz artmışdır.
Hörmətli Əli müəllim dedi ki, mətbuatda Milli Məclis üzvlərinin maaşlarının artması ilə əlaqədar qeyri-obyektiv fikirlər səslənir. Mən bildirmək istərdim ki, 2008-ci ildən bəri Milli Məclis üzvlərinin maaşlarında heç bir artım olmamışdır. Bu il nəzərdə tutulan artım isə      15,3 faiz təşkil edir. Milli Məclis üzvlərinin maaş artımının maliyyə tutumu ildə cəmi 500 min manata qədərdir. Bu da bütövlükdə ölkə üzrə artımın 0,04–0,05 faizini təşkil edir. Hesab edirik ki, bu artım gələcəkdə  daha yüksək olacaq, çünki ölkədə aparılan iqtisadi siyasət bütün sahələrdə əmək haqlarının müntəzəm olaraq artmasına yönəlmişdir. Ona görə Milli Məclisin üzvlərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Mətbuatda gedən o qeyri-obyektiv rəqəmləri ona görə səsləndirirəm ki, insanlar həqiqəti, reallığı daha düzgün dərk etsinlər. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Mən də bu məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bundan bir ajiotaj yaratmaq, cəmiyyəti çaşdırmaq, düzgün olmayan informasiya yaymaq, kimlərləsə müqayisə aparmaq və sair doğru deyil. Həm Əli müəllim, həm də Ziyad müəllim qeyd etdilər ki, neçə illərdir, Milli Məclis üzvlərinin əmək haqlarında elə bir artım olmayıb. Postsovet məkanı ölkələrini götürsək, bizim deputatların əmək haqqı Rusiyaya, Qazaxıstana nisbətən aşağıdır.  Mən hələ Avropa və dünyanın başqa ölkələri ilə müqayisə aparmıram. İstənilən ölkədə də bu fərq mövcuddur.
Hərdən görürsən ki, götürüb müəllimin əmək haqqı ilə müqayisə aparırlar. Milli Məclisin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz müəllimin də, həkimin də, digər sahələrdə çalışanların da sosial müdafiəsi, əmək haqlarının artması ilə bağlı   mütəmadi olaraq qərarlar qəbul edirik. Nə vaxt təqdim olunubsa, qəbul etmişik. Təbii ki, onlar da Azərbaycan vətəndaşlarıdır. Bunların da  maaşları artmalıdır və mütəmadi olaraq artır da. Fikir versək, bu dövr ərzində onların əmək haqları 50–51 faiz artıbdır. Milli Məclis üzvlərinin əmək haqlarında isə artım olmayıb. Bunu müqayisə etməyə ehtiyac görmürəm. Amerika Birləşmiş Ştatlarında senator 14–16 min dollar,   müəllim isə 2 min civarında əmək haqqı alır. Onların öz xərcləri var. Ekvivalentə vuranda, yəni faiz hesabı ilə götürəndə Azərbaycanda ondan daha yuxarıdır.
İkinci bir tərəfdən, Azərbaycan dövlətinin təhsil sisteminə ayırdığı  büdcə vəsaiti ordudan sonra ikinci yerdədir. Bu vəsait 1,6–1,7 milyard manat civarındadır. Milli Məclisin ümumi büdcəsi isə onun 300-də biridir. Yəni təhsilə, o cümlədən səhiyyəyə  həmişə diqqət yetirilib. İqtisadiyyatı dərindən bilməyən, camaatı qızışdırmağa çalışan insanlar bir götür-qoy etməli və dünya praktikasını öyrənməlidirlər. Belə şeylərlə dividend qazanmaq olmaz və bunları ortaya atmağa ehtiyac yoxdur. Dövlət  çalışır ki, qəbul olunan, imzalanan müqavilələr Azərbaycan xalqının mənafeyinə xidmət etsin. Elə təkcə son 10 ildə 3 mindən yuxarı məktəb tikilib  təhsil işçilərinin, Azərbaycanın vətəndaşlarının ixtiyarına verilib. Bunu dövlət edir. Dövlət hər bir sahəni nəzərə alır. Nə qədər xəstəxanalar tikilib. Bunu da dövlət edib. Azərbaycanda heç zaman bu cür məktəblər, xəstəxanalar,  infrastruktur olmayıbdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Oqtay müəllim, Siz çox gözəl dediniz, Avropaya inteqrasiya əməldə olmalıdır. Bugünkü müqavilə sübut etdi ki, indiyə qədər bizim Avropa ilə, Avropa İttifaqı ilə  30 milyard dollar civarında iqtisadi münasibətlərimiz var. Bu gün Avropa İttifaqına üzv olmaq istəyən  dövlətlərin  –  Azərbaycanı çıxmaq şərti ilə Ukraynanın, Moldovanın, Ermənistanın, Gürcüstanın birlikdə Avropa İttifaqında bu qədər dövriyyəsi yoxdur. 45 milyard investisiya qoyuluşu ilə bağlı bugünkü müqavilə də buna sübutdur.
Xalqdan mandat ala bilməyənlər gedib Ukraynada meydanda Azərbaycan xalqının adından danışır, onlara dəstək verirlər. Avropaya dəstək budur? Dəstək ora gedib, narıncı geyinib, boynuna narıncı şərf bağlayıb,  narıncı danışıb  gəlmək deyil. Dəstək əməldədir, işdədir, fəaliyyətdədir. Ona görə də xahiş edirəm, bu məsələni səsə qoyaq və qəbul edək. Mətbuat nümayəndələrindən də xahişimiz ondan ibarətdir ki, dünyada əmək haqqını soruşmaq, ümumiyyətlə, ayıb hesab olunur.  Biri digərindən heç vaxt əmək haqqını soruşmur. İndi bunu gündə qəzetdə dərc etməyin heç bir mənası yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən.  Çox sağ olun.  Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Məndən öncə həm Əli bəy, həm Ziyad müəllim, həm də Siyavuş bəy gündəlikdəki məsələ ilə bağlı ətraflı danışdılar, nə isə əlavə etməyə ehtiyac duymuram. Ölkədə bir proses gedir və şübhəsiz, bu, Milli Məclisdən də yan keçə bilməz. Milli Məclisin üzvləri bu cəmiyyətin üzvləridir, bir parçasıdır və biz də cəmiyyətin ümumi inkişafı ilə bərabər hərəkət edirik. Mənim demək istədiyim başqa bir məsələ var, bu da deputat statusu ilə bağlıdır. Mənə elə gəlir ki, deputat statusu təkcə maaşdan, mükafatdan, yaxud deputatın özünün  şəxsi dolanışıq imkanlarından ibarət deyil. Deputat statusu həm də mənəvi bir məsələdir. Biz, şübhəsiz, Azərbaycanda bu qurumun hörmətinin, nüfuzunun artması üçün əlimizdən gələni etməliyik.
Mən son illər müşahidə etdiyim bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Deputatların hörməti onların gördüyü işlərlə deyil, həm də vətəndaşların müraciətlərinə onların münasibəti və bunun nə ilə nəticələnməsi ilə çox bağlıdır. Şübhəsiz, deputatın icra imkanı yoxdur, o, yalnız icra hakimiyyətinə müraciət edir. Dövlət qurumları deputatın müraciətinə, onun qaldırdığı məsələlərə müsbət münasibət göstərməlidirlər ki, cəmiyyətdə onun hörməti qalxsın. Mən izləyirəm, uzun illərdir, Milli Məclisdə yarım saat ərzində bir çox məsələlər qaldırılır. Mən onların həyata keçmə mexanizmini bilmirəm. Məktub göndərəndə cavab alırıq, amma burada səslənən təkliflər hara gedir? Mən hələ bir dövlət qurumu görməmişəm ki, bizə yazsın ki, Milli Məclisdə qaldırdığınız məsələ ilə bağlı tədbir görülüb. Niyə bu olmamalıdır? Bu Milli Məclisin hörməti necə qoruna bilər?
İkinci, Oqtay müəllim, son illərdə Bakıda çox ciddi beynəlxalq tədbirlər keçirilir. Onlardan biri də humanitar forumdur. Humanitar sahənin öz adamları var. Mən bütün ömrümü  humanitar sahəyə həsr etmiş, hər halda bu sahədə üzdə olan adamlardanam.  Heç kimin xətrinə dəyməsin, o humanitar forumda dövlət vəzifəsində çalışanların qohum-əqrəbaları iştirak edirlər. Özümü Azərbaycanın humanitar məsələlərini təmsil edə bilən adamlardan biri hesab edirəm, amma heç vaxt oralara dəvət olunmuruq. Hansı ölçülərləsə Milli Məclisin deputatlarının bir hissəsi ora dəvət olunur. Amma humanitar işlə məşğul olanlar yox, başqa sahənin adamları dəvət olunurlar. Burada, məncə, bir ölçü-biçi olmalıdır və hər kəsə gördüyü işlərə görə hörmət göstərilməlidir.
Eyni sözü mədəniyyətlə bağlı keçirilən tədbirlər haqqında da deyə bilərəm. Son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi tez-tez yubileylər,  müxtəlif tədbirlər keçirir. Bəzən deputatlar da bu tədbirlərə dəvət olunurlar. Bəzən isə, ümumiyyətlə, bu sahədə çalışan insanlar heç yada düşmürlər. Yaxud  deputat bir məclisə gedirsə, ona ən sonuncu sırada yer göstərilir. Bir dəfə zarafatla dedim ki, bəlkə qapının o tərəfində masa qoyub deputatları orada oturtsunlar. Bu da ciddi məsələdir.
Mən millət vəkiliyəm, amma bura gələn adamı qəbul etmək, içəri buraxmaq üçün hökmən komitə sədrindən icazə almalıyam. Niyə, mənim  haqqım yoxdur ki, yanıma gələn adamı özüm birbaşa qəbul edim? Bu məsələ komitə sədrinə, yaxud da kiməsə toxunmasın. Sadəcə, deputatın haqqı olmalıdır. Bütün xarici ölkələrdə deputatın öz qəbul otağı var, kimi istəyirsə, qəbul edir. İndi hər şeyə görə komitə sədrini axtarmalı deyilik ki. Mənim hüququm olmalıdır ki, yanıma gələn insanları özüm qəbul edim.  Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, rəsmi orqanların buraxdıqları telefon kitabçaları var. Bu, gizli sənəd deyil ki. O kitabçalar belə verilmir. Bizə ancaq Milli Məclisin kitabçaları verilir. Bu, xırda şeydir, kiməsə gülməli gələ bilər. Mənim o kitabçalara ehtiyacım yoxdur, amma hesab edirəm ki, bu xırda şeylər üst-üstə gələndə müəyyən bir təsəvvür yaradır. Biz bunu, məncə, həll etməliyik.
Qanun layihəsinə səs verəcəyəm, amma mənim dediyim  bu fikirlər süngü ilə qarşılanmamalıdır. Biz Azərbaycan cəmiyyətinin çox mühüm  bir hissəsiyik. Azərbaycanın gələcəyi ilə bağlı ciddi qanunlar qəbul olunur və bu qanunları qəbul edən insanlara münasibət də qanun çərçivəsində olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən çıxış etmək istəmirdim, ancaq deməliyəm ki, insanlar üçün ən əlçatan yer Milli Məclis və deputatlardır.  Ən yaxın ünsiyyət millət vəkilləri ilədir. İnsanların yazanı da, pozanı da olur, ancaq diqqətlə fikir verəndə bunu görmək olur. Həmkarlarımız dedilər, son 7 il ərzində Milli Məclis üzvlərinin əmək haqqı cəmi 15,3 faiz artırılıb və bunu şişirtməyə artıq ehtiyac yoxdur.
Sabir müəllim dedi ki, fikirlərim süngü ilə qarşılanmasın.  Mən də öz fikrimi demək istəyirəm. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik edilir. Amma o qanunda “mənəvi məsələ” söhbəti yoxdur. Deputat hörməti özü qazanır. O statusa uyğun olaraq onun ixtiyarı var, sözlərini deyir. Ancaq çox təəssüf edirəm ki, bəzən özümüz özümüzə diqqət vermədən lazımsız ifadələr işlədirik və özümüz özümüzü hörmətdən salırıq. Birinci növbədə biz buna fikir verməliyik, bir-birimizin hörmətini qaldırmalıyıq.
Mən  çox danışmaq istəmirəm, yəqin ki, çoxları məni başa düşdülər. Bu məsələlərə baxmaq lazımdır. Ay kitabça yoxdur, nə bilim nə yoxdur... Hamıya kitabça da, telefon da verilib. Pis çıxmasın, 4 deputat 1 hökumət telefonu ilə işləyirdi. Elədir, elə deyil? İndi hər millət vəkilinin öz telefonu var, hər şey verilib. Pis çıxmasın, niyə biz özümüzü yazıq səviyyəsinə salırıq? Olmaz belə.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr         (saat 12.56 dəq.)
Lehinə    92
Əleyhinə   1
Bitərəf   0
Səs verməd   2
İştirak edir   95
Nəticə:  Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İslam İnkişaf Bankı qrupuna daxil olan korporasiyalardan biri də Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasıdır. Sözügedən korporasiya 2005-c il 24 iyun tarixində Malayziyada keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 30-cu illik toplantısında qəbul  edilmişdir.
Korporasiyanın yaradılmasında əsas məqsəd İslam Konfransı Təşkilatı ölkələrinin daxili və xarici ticarətinin dəstəklənməsi istiqamətində ticarətin maliyyələşdirilməsi və stimullaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vasitəsilə üzv ölkələrin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Korporasiya İslam Konfransı Təşkilatına üzv  ölkələrin daxili və xarici ticarətini stimullaşdırmaq məqsədi ilə ticarət üzrə əməkdaşlıq və inkişaf proqramı çərçivəsində ticarətin genişləndirilməsi, ixrac potensialının artırılmasına töhfə verən strateji malların formalaşdırılması və potensialının yaradılması sahəsində geniş fəaliyyət həyata keçirir.
Korporasiya hüquqi şəxs olmaqla müqavilə bağlamaq, daşınan və daşınmaz əmlak əldə etmək və onlara sərəncam vermək, arbitraj tribunaları və məhkəmələri qarşısında cinayət işi qaldırmaq kimi xüsusi hüquq və səlahiyyətlərə malikdir. “Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi” 2013-cü il 10 iyul tarixində imzalanmışdır. Sazişə baxılarkən “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və   Prezidentin müvafiq sərəncamı əsas götürülmüşdür.
Sözügedən sazişin “Maliyyə mənbələri” adlanan III fəslinin 10, 11 və 12-ci maddələrində korporasiyanın nizamnamə kapitalı, səhmlərinə abunə yazılışı və üzvlük haqlarının ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulur. 10-cu maddəyə müvafiq olaraq korporasiyanın nizamnamə kapitalı 3 milyard ABŞ dolları təşkil edir. Bunun 500 milyon ABŞ dolları bu sazişə uyğun olaraq üzvlük kapitalı üçün ayrılmışdır. Nizamnamə kapitalı hər biri 10 min ABŞ dolları dəyərində 300 min hissəyə bölünür. Baş assambleya müvafiq hesab etdiyi halda və zamanda nizamnamə kapitalını səsvermə hüququna malik olan üzvlərin ən azı dörddə üçünün təmsil olunduğu ümumi üzvlərin ən azı üçdə iki səs çoxluğu ilə artıra və həmçinin səhmin dəyərinin tam və ya qismən ödənilməsi və ya geri çağıra bilməsini müəyyənləşdirə bilər.
Azərbaycan Respublikasının Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasına üzvlüyü ölkəmizdə ticarət mühitinin daha da yaxşılaşdırılmasına, özəl investisiyaların bu sahəyə yönəldilməsinə, idxal, ixrac coğrafiyasının genişləndirilməsinə müsbət təsir göstərməklə yanaşı, ölkəmizdə istehsal olunan mal və avadanlıqların İslam Konfransı Təşkilatına üzv ölkələrdə, eləcə də dünya bazarlarında istehlak olunmasına geniş imkanlar yaradacaqdır.
Məlumat üçün bildirmək istəyirəm ki, İqtisadi siyasət komitəsində müzakirə zamanı Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Azərbaycanın özəl sektorunda fəaliyyəti barədə  kifayət qədər materiallar verildi. Hesab edirəm ki, bu sazişə qoşulmaqla  Azərbaycanın iqtisadi əlaqələrinin coğrafiyası daha da genişlənəcək, xarici iqtisadi əlaqələrimizdə müsbət meyillər özünü göstərəcəkdir. Millət vəkillərindən bu mühüm sazişə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən.  Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr   (saat 13.01 dəq.)
Lehinə     85
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir    85
Nəticə:  Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə  qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, son illər Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında   həm siyasi, həm də iqtisadi əlaqələr sürətlə inkişaf etməkdədir. Coğrafi baxımdan biz bir-birimizdən uzaqda yerləşsək də,  münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Koreyadan olan xeyli sayda iş adamları Azərbaycanda fəaliyyət göstərir. Azərbaycandan da Koreyada çalışan, yaşayan insanlar var. Eyni zamanda, orada təhsil alan gənclərimizin sayı da çoxdur. Bu baxımdan hesab edirik ki, “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişə qoşulmaq məqsədəmüvafiq olar. Bu, ilk növbədə hər iki ölkənin vətəndaşları üçün faydalıdır. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr     (saat 13.03 dəq.)
Lehinə    89
Əleyhinə   0
Bitərəf    0
Səs verməd  0
İştirak edir   89
Nəticə:  Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun “Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları” adlı 4-cü maddəsinə dəyişikliklər edilir. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla” sözlərinin əvəzinə “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri əlavə edilir. Bu sözlər həmin maddənin ikinci bəndinə də əlavə edilir. Bu dəyişikliklər Azərbaycan Respublikası  Konstitusiyasının 93-cü maddəsinin dördüncü hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğunlaşdırılma məqsədi ilə edilmişdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr   (saat 13.04 dəq.)
Lehinə   86
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir   86
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu layihə də hörmətli Ziyad müəllimin məruzəsinin davamı kimi qəbul oluna bilər.  Qanuna edilən bu dəyişiklik Konstitusiyaya uyğun olaraq “Normativ hüquqi aktlar haqqında” Qanunun 64.9-cu maddəsinə uyğunlaşdırılma məqsədi ilə edilir. Yəni buradakı ifadə daha dəqiqdir.
Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Normativ hüquqi aktlar haqqında çox vacib bir qanun qəbul etdik. “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən işçilər istisna olmaqla” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla” ifadəsi ilə əvəz olunur. Beləliklə, biz qanunvericiliyimizi daha da dəqiqləşdirmiş oluruq. Daha doğrusu, qəbul etdiyimiz qanuna uyğunlaşdırırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, səs verin.

Səsvermənin nəticələr    (saat 13.06 dəq.)
Lehinə   80
Əleyhinə   0
Bitərəf   0
Səs verməd  0
İştirak edir  80
Nəticə: Yetərsay yoxdur

Yetərsay yoxdur. Niyə? Xahiş edirəm, səsvermədə diqqətli olaq. Yenidən səsvermə keçiririk. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr   (saat 13.07 dəq.)
Lehinə   89
Əleyhinə   0
Bitərəf   0
Səs verməd   0
İştirak edir     89
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adı çəkilən qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir: “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir”.
Daha bir dəyişiklik  7-ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözlərinin çıxarılmasından ibarətdir ki, bu da insanların işlərini asanlaşdırmaq üçün edilir. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr    (saat 13.09 dəq.)
Lehinə   84
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir    84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, Sizin komitədə baxılıb. Buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Milli Məclis tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası  Qanununun qəbul edilməsi bütövlükdə sığorta sisteminin təkmilləşməsinə xeyli müsbət təsir göstərmişdir.
Təklif olunan dəyişikliklər 7, 9, 10, 11, 16, 17, 18 və 21-ci maddələri əhatə edir. 7.1.6-cı maddədə “qanunvericiliklə nəzərdə tutulmuş qaydada” sözləri “sığorta nəzarəti orqanına və məhkəməyə” sözləri ilə, 9.1.2-ci maddədə “qanunvericiliyə uyğun olaraq” sözləri “inzibati qaydada və” sözləri ilə, 10.0.1-ci maddədə “qanunvericiliklə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə, 11.4-cü maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla”  sözləri ilə, 16.1-ci maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə,  17.3-cü maddədə “lazımi sənədləri” sözləri “arayışı sığortalıdan” sözləri ilə, “lazım olan” sözləri” isə “müvafiq” sözü ilə əvəz edilir.
Bütövlükdə bu dəyişikliklər, heç şübhəsiz ki, qanunvericiliyin təkmilləşməsinə xidmət edəcək və sığorta bazarında bu proseslərlə əlaqədar meydana çıxan bir sıra mübahisəli məsələlərin daha dəqiq həllinə kömək edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr   (saat 13.11 dəq.)
Lehinə   84
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir   84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, gündəlikdəki 9, 10, 11, 12-ci məsələlər bizim komitə tərəfindən hazırlanıb və Milli Məclisə təqdim olunub. Bu layihələr bir-biri ilə üzvi surətdə bağlıdır, eyni məsələləri tənzimləyir. İcazə versəydiniz, mən onlar barədə birlikdə məruzə edərdim.
Sədrlik edən.  Aydındır, buyurun.
Ə.Hüseynli. Hörmətli millət vəkilləri! “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun Azərbaycan ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Amma bir sıra müraciətlər, o cümlədən millət vəkillərinin müraciətləri nəzərə alınmış, qanunun təhlili zamanı bu normativ hüquqi aktın bir sıra müddəalarında nöqsanlar aşkar edilmiş və onları aradan qaldırmaq məqsədi ilə sizin diqqətinizə belə bir layihə təqdim olunmuşdur.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsi bu reyestrin aparılmasının ümumi qaydalarını müəyyən edir. Amma təəssüf ki, bu maddədə xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyata alınması və reyestrə daxil edilməsi norması mövcud deyildi. Ona görə də bizim tərəfimizdən belə bir norma təklif edilib və burada o da qeyd olunub ki, onların qeydiyyata alınmadan və reyestrə daxil edilmədən fəaliyyət göstərməsi müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu məsuliyyət barədə mən növbəti qanun layihəsi haqqında məlumat verəndə danışacağam. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna təklif olunan  əsas və ən başlıca dəyişiklik bundan ibarətdir.
Təbii ki, bundan irəli gələn digər hallar var. Amma bunlar  mahiyyətə çox təsir etmir. Çünki təklif etdiyimiz digər dəyişikliklər həmin Qanunun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılmasından irəli gəlir.
Növbəti məsələ “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna edilən dəyişiklikdir. Bu qanunun 1-ci maddəsinə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması haqqında müddəa əlavə olunur.
İndi xahiş edirəm, həmin qanunun “Qeyri-hökumət təşkilatı” adlanan 2-ci maddəsinə diqqət yetirəsiniz. 2.3-cü maddə indiyədək aşağıdakı məzmunda bir cümlədən ibarət olmuşdur: “Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər”. Bu cümlədə xatırlanan qadağa bizim Konstitusiyada və Avropa İnsan Haqları Konvensiyasında dəqiq göstərilmiş olsa da, qərara aldıq ki, onu 2.3-cü maddədə də konkret əks etdirək.
Mən 2.3-cü maddəyə əlavəni burada səsləndirmək istəyirəm: “Məqsədi və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli, dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir”.
Təkrar da olsa, qeyd etmək istəyirəm ki, belə bir məhdudiyyət bizim Konstitusiyamızda və Avropa İnsan Haqları Konvensiyasında mövcuddur. Hesab edirəm ki,  bu məhdudiyyəti göstərməklə biz, əslində, qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha geniş tənzimləmiş oluruq. Təbii ki, burada qeyd olunmayan digər hallarda onların fəaliyyəti azaddır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna edilməsi təklif olunan dəyişikliklər bu təşkilatların öz üzvləri, köməkçiləri arasında olan münasibətləri də tənzimləyir. Təəssüf ki, bir sıra hallarda qeyri-hökumət təşkilatının üzvləri və rəhbəri arasında məhkəmə mübahisələri, əmlakla bağlı iddialar yaranır. Bax, təklif etdiyimiz o geniş əlavələr və dəyişikliklər bu münasibətləri tənzimləyir. Hesab edirəm ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının özləri üçün də faydalı,  əhəmiyyətli olacaqdır.
Burada təklif etdiyimiz vacib dəyişikliklərdən biri də “Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət” adlı 29-cu maddə ilə bağlıdır. 29.5-ci maddənin təklif etdiyimiz yeni redaksiyasında belə bir fikri vurğulamışıq: “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri öz fəaliyyətlərinin şəffaflığını təmin etməlidirlər”. Əlbəttə, biz zaman-zaman dövlətin, cəmiyyətin həm milli,  həm də xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflığı ilə bağlı iradlarını, təkliflərini eşidirik. Amma gərək vətəndaş cəmiyyəti özü də öz fəaliyyətinin şəffaflığını təmin etsin. Təbii ki, belə bir şəffaflıq ona inamı  artırmış olar.
Qanuna əlavə edilmiş 29.6-cı maddədə belə bir müddəanın verilməsi təklif olunur ki, qeyri-hökumət təşkilatları, onların filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.
Hörmətli millət vəkilləri, hesab edirəm ki,  bu təklifimiz də sizlər tərəfindən dəstəklənəcək. Çünki təəssüf olsun ki, dünyada belə hallar da var. Bəzən qeyri-hökumət təşkilatları dolayısı yolla da olsa, terrorçuluğa rəvac verir, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması prosesində iştirak edirlər. Bu kontekstdən olan təkliflərimiz, bir daha vurğulayıram ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflığına xidmət edir.
Hüquqi şəxslərin dövlət reyestri üçün lazım olan zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasına, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin qanunvericiliyə uyğun olaraq öyrənilməsinə maneçilik törədilməsinə və qeyd etdiyim kimi, birinci təqdim olunmuş qanunda normaların pozulmasına görə məsuliyyət növləri İnzibati Xətalar Məcəlləsində öz əksini tapır.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna etdiyimiz kiçik dəyişiklik isə QHT-lər haqqında qanunda səsləndirdiyim 29-cu maddədən irəli gəlir. Həmin qanunda monitorinq iştirakçılarının siyahısı mövcuddur. Onlar kredit təşkilatlarıdır, investisiya fondlarıdır və sair. İndi bu siyahıya həm də xarici dövlətlərin QHT-lərinin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri də əlavə olunacaq.
Beləliklə, hörmətli millət vəkilləri, paket şəklində sizin diqqətinizə təqdim olunmuş bu əlavə və dəyişikliklər ilk növbədə xarici QHT-lərin Azərbaycanda qeydiyyatını və reyestrini tənzimləyir, onların fəaliyyətinin şəffaf olmasına xidmət edir. Hesab edirəm ki, bizim bu əsaslandırmamız siz hörmətli millət vəkilləri tərəfindən dəstəklənəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən hörmətli komitə sədri Əli Hüseynlinin bu layihələrin qəbulu üçün gətirdiyi hüquqi, siyasi arqumentlərin hər birini bölüşürəm. Onlar kifayət qədər kəsərli idi, yerində idi. Çünki, əvvəla, bizim “Normativ hüquqi aktlar haqqında” qanunvericilik tələb edir ki, irəli sürülən hər bir təşəbbüs, hər bir hüquqi akt əsaslandırılsın. Bu cəhətdən önəmli idi.
Həm də etiraf etmək lazımdır ki, bu sənəd ətrafında maraqlı dairələrin geniş kampaniyası getməkdədir. Yenə də belə təhlillər və mövqelər var ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının fəaliyyətini total nəzarətə götürmək, onların bütün təşəbbüslərini, ictimai birlik yaratmaq, xaricdən maliyyələşmə və sair işini bütövlükdə özünün müşahidəsi və diktəsi altında saxlamaq istəyir və sair. Düşünürəm ki, bu mövqelər əsassızdır.
1980-ci ilə qədər dünyada Latın Amerikasından tutmuş Əfqanıstana qədər istənilən ölkənin iç işlərinə qarışmaq, o ölkələrdə siyasi rejimləri dəyişmək üçün hərbi vasitələrlə müdaxilə aparıcı yer tuturdu. Ona görə də bu vasitədən Sovetlər Birliyi də, Amerika da, Qərb dövlətləri də geniş yararlanırdı. Ondan sonrakı zamanlarda qeyri-hökumət təşkilatları, xüsusilə də xarici QHT strukturları hər bir ölkənin içərisinə yeridildi və vətəndaş birlikləri, vətəndaş institutları vasitəsilə o ölkələrin içərisində iş aparmaq bir tendensiyaya çevrildi.
Əgər mənim bu məsələdə öz mövqeyimi əsaslandırmaq üçün gətirdiyim arqumentlər kimlərəsə əsaslı görünmürsə, onlar, sadəcə, “Freedom House” sözünü yazıb İnternet axtarışına versinlər. Onda mənim dediyimin şahidi olacaqlar. Həmin qurumun son 20 ildə rəhbərlərinin əksəriyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq başçılarıdır. Bunu mən iddia etmirəm, bu, informasiya resurslarında oturuşmuş məlumatlardır.
Ona görə birinci bunu vurğulamaq gərəkdir ki, “bütün xarici QHT-lər demokratiya gətirir, vətəndaş birliyini, vətəndaş cəmiyyətini gücləndirir” mövqeyinin özü yanlışdır. Mən, əlbəttə, onların hamısını agentura şəbəkəsi, təsir agentləri və sair saymaq fikrindən uzağam. Amma bu da həqiqətdir ki, humanitar, sosial, təhsil və sair sahələrdən kənarda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət strukturları çox ciddi siyasi məqsəd güdür və bunu həyata keçirmək üçün çox mühüm vasitələrə, yollara əl atırlar. Bu birinci, yəni mənim məsələyə konseptual baxışım.
İkinci, ötən illər ərzində Azərbaycan gerçəkliyində formalaşmış praktikaya görə qeydiyyata alınmadan fəaliyyət göstərmək heç bir hüquqi bərabərsizlik, natamamlıq yaratmır. Yəni Azərbaycanda çoxlu qeydiyyatsız qurumlar var ki, onlar müstəqil qaydada xarici əlaqələrini həyata keçirir, böyük miqdarda donor vəsaitlər əldə edir və onları hansısa formada mühasibatlıqdan keçirirlər. Ona görə nəhayətdə bu məsələni də  tənzimləməliyik.
Mənim fikrimcə, bu sənədin guya xeyriyyə fəaliyyətinin qarşısını alacağını iddia eləmək də yanlışdır. Düşünürəm ki, əgər onlar qanuni fəaliyyət göstərəcəklərsə, bu sənəddə əks olunan müddəalara əməl edəcəklərsə, heç bir halda onların fəaliyyətinin əlavə təftişindən və dayandırılmasından söhbət gedə bilməz.
Bir mühüm məsələ də var. Xarici kapital ölkə içərisində müxtəlif siyasi proseslərdə iştirak eləməlidirmi, yoxsa yox? Bizim özünü demokrat sayan dairələrdə buna baxış, əlbəttə ki, birmənalıdır. Onlar hesab edirlər ki, hər hansı ölkədən, lap elə MDB məkanının istənilən ölkəsindən xarici qurum gəlib Azərbaycanda hətta partiya yaratsa da, buna onun ixtiyarı var, bundan ötrü beynəlxalq konvensiyalar dövlət qarşısında müxtəlif gərəkən tələblər qoyur və sair.
Halbuki hörmətli Əli müəllim qeyd elədi ki, biz qanunun ikinci hissəsini məhz Konstitusiyaya uyğunlaşdırmaqla məşğuluq, o cümlədən Avropa İnsan Haqları Konvensiyasında və 1966-cı ilin   Paktında da oxşar müddəalar var. Ona görə də Azərbaycanın bu sənədlə özünü beynəlxalq aləmdən təcrid eləmək və Rusiyadakı qanunu tamamilə bura köçürmək niyyəti güddüyünü də demək yanlışdır.
Ancaq bu sözü söyləyərkən mən istəyirəm, ötən dəfə burada qaldırdığım məsələni bir daha vurğulayım. Əlbəttə, mənim bütün bu fikirlərim onda doğrudur ki, bizdə hüquqi şəxslərin qeydiyyatını və yaxud ictimai birliklərin, qeyri-kommersiya qurumlarının qeydiyyatını aparan dövlət qurumları bu işi həyata keçirsinlər. Burada qeyd olunduğu kimi, qeydə alınmaq üçün müraciət etmiş ictimai birliyin hüquqi sənədlərində hər hansı bir çatışmazlıq varsa, o çatışmazlığın bir ay ərzində aradan qaldırıldığı halda onu qeydə alsınlar və aylarla qapılarda boynunu büküb gözləməyə vadar eləməsinlər. Mənim bütün bu fikirlərim dediyim şəraitdə doğrudur.
Mən məsələnin başqa tərəfini də qeyd eləmək istəyirəm. Parlamentin, hökumətin, dövlətin bütün strukturlarının fəaliyyətini total müşahidəyə, nəzarətə götürmək istəyən üçüncü sektor nədən özünə qarşı belə bir şəffaflıq tələbi qoyulanda onu süngü ilə qarşılayır? Elə Leyla Yunusu götürək. Mən bu şəxsi bütün QHT-lərin simvolu hesab eləmirəm. Azərbaycanda bu dövr ərzində ictimai maarifləndirmə, hüquq və sair yönümdə çox yaxşı fəaliyyət göstərən, Azərbaycanın milli maraqlarını öndə tutan qurumlar formalaşıb. Ancaq Leyla Yunus 320 min avrodan yuxarı vəsait alıb və getdikcə də bu proses dərinləşir, çünki Bakı Şəhər İcra Hakimiyyəti ilə mənzil mövzusunda vuruşmadadır, mübarizədədir. Buna görə də xaricdən onu  daha artıq himayə edirlər.
Azərbaycan dövləti ilə konfrontasiyada olan qurumlar beynəlxalq donor mənbələrinin gözündə daha yaxşıdırlar. Siz bu gün Dağlıq Qarabağa getmək istəyən köçkünün arzusunu həyata keçirəcək bir beynəlxalq donor  tapmazsınız. Hörmətli Flora xanım burada çox mühüm məsələlərə toxundu. Məsələn, birdən Şuşadan olan bir azərbaycanlı öz evinə baş çəkmək, tarixi torpağını gedib yoluxmaq, yuxularında gördüyünü gerçəkləşdirmək layihəsi hazırladığını iddia eləsə, sizi əmin edirəm ki, buna hər hansı vəsait ayrılmayacaq. Amma 320 min avro vəsaitin, – hələ mən Açıq Cəmiyyət İnstitutunun vəsaitlərindən danışmıram, bu məsələ haqqında seçki dövründə yetərincə bəhs olunmuşdu, – bu qədər böyük miqdarda pulun hər hansı bir nəzarətə, yoxlanmaya, hesabatlığa məruz qalmasını heç kim istəmir. Niyə, nə səbəbə? Həmkarım Siyavuş Novruzovun dediyi kimi, əgər onlar, doğrudan da, əməlisalehdirlərsə, niyə özlərini bu cür yoxlamadan, müşahidədən kənarda tutmaq istəyirlər?
Xüsusilə də seçki üzrə ixtisaslaşmış qurumlar birmənalı şəkildə istənilən dövlətin üzərində qurulmuş “Zəif bənd” oyununun tərkib hissəsidir. Buna mənim heç bir şübhəm yoxdur ki, ATƏT-in Varşava Bürosu casus şəbəkəsidir və orada çalışanlar ixtisaslı kadrlardır. Əksər hissəsini ölkə içərisində seçki müşahidələrində yaxından tanıdığımızdan deyə bilərik ki, onlar nüfuzetmə, əlaqələr qurma, vətəndaşları bu işə cəlb etmə, ölkə içərisində hər hansı tendensiyalı məlumatların hazırlanması və ötürülməsi yönündə ixtisaslaşmış mütəxəssislərdir. Mən sonuncunu xüsusi qeyd etmək istərdim. Həmin o Seçki Monitorinq Mərkəzinin sənədlərini olduğu kimi yekun hesabat qaydasında qəbul elədilər və onu həm ABŞ-ın Dövlət Departamenti, həm də ATƏT özünün seçki hesabat sənədlərinə salmış oldu.
Ona görə də mən düşünürəm ki, bütövlükdə bunlar yerində olan düzəlişlərdir, lakin bir də vurğulamaq istəyirəm, o halda ki bizim Ədliyyə Nazirliyi, digər dövlət qurumları hüquqi şəxslərin qeydiyyatını normal  şəkildə aparsınlar.
Sonuncu bir məsələni də qeyd edim. Hörmətli Ziyafət müəllim, mən müharibənin təbliği ilə bağlı məsələyə toxunmaq istəyirəm. Əslində, nəinki QHT-lərin, Azərbaycan parlamentinin də üzvləri bir sıra hallarda müharibənin gərəkli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün önəmli olduğunu qeyd edirlər. Belə çıxır ki, onlar qeyri-hüquqi tələbdə bulunurlar? Yaxud Konstitusiya quruluşunun dəyişdirilməsi. Bir sıra hallarda belə bir mövqe ola bilər ki, unitar dövlət modeli o qədər uğurlu model deyil, başqa bir dövlət modelinə keçmək yaxşı olar. Ona görə də hüquqi tələblərin dəqiq sərhədləri müəyyənləşdirilməlidir ki, bədxahlarımız ondan başqa məqsədlərlə istifadə eləməsinlər. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Fazil Mustafa. 
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən ən əvvəl qanunvericilik texnikası baxımından məsələyə diqqət çəkmək istəyirəm. Əli müəllim, biz son vaxtlarda qəbul elədiyimiz qanunlarda istər hüquqi ünvan, istərsə də başqa terminlərin açılışını “Anlayışlar” adlı birinci maddədə veririk. Bir qanunda bu cür, digər qanunda başqa cür hərəkət etməyimiz bir qədər düşündürücüdür. Yəni biz əgər belə bir dəyişiklik ediriksə, elə hüquqi ünvan anlayışının da, o qanunda lazım bildiyimiz başqa anlayışların da açılışını orada verə bilərik və qanunun özünü də bu qədər mürəkkəbləşdirmiş olmarıq. Bu birinci iradım.
İkinci, mən hüquqi şəxslərlə bağlı dəyişikliyi çox mütərəqqi dəyişiklik hesab eləmirəm. Onsuz da hüquqi şəxslərlə bağlı məhdudiyyətlər kifayət qədər çoxdur. Ona görə də, əksinə, bu məhdudiyyətlərin bir qədər azaldılması, qeydiyyat və başqa məsələlərin sürətlə həll olunması istiqamətində müəyyən dəyişikliklər etmək olardı. Burada, təbii ki, xarici hüquqi şəxslər və onların filialları ilə bağlı dəyişikliklərlə mən də razıyam. Amma Azərbaycan vətəndaşının ölkə daxilində yaratdığı hüquqi şəxslərlə bağlı bu qədər məhdudiyyətin qoyulması bir qədər açıqlanması çətin, şübhə doğuran məsələyə gətirib çıxarır. Biz müvafiq orqanların sanki görə biləcəyi bütün işləri artıq əllərindən  alırıq, onların nəzarət funksiyalarına aid olan məsələlərdən də onları kənarlaşdırırıq, qanunvericiliyin özündə bütün bu işləri həll eləməyə çalışırıq. Məncə, bu, doğru yöntəm deyil.
Üçüncü, burada siyasi partiyalarla bağlı bir məqama toxunulub. Qeyd olunur ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün verdiyi ərizəyə onun siyasi partiyada rəhbər orqanının qərargahının hüquqi ünvanını təsdiq edən sənəd də əlavə olunmalıdır. Məncə, belə bir tələbin irəli sürülməsi doğru deyildir.
Burada partiya təmsilçiləri var, təsdiq edərlər. Elə olub ki, bir il, iki il çəkən uzun mübahisələrdən, məhkəmə proseslərindən sonra Əmlak Komitəsindən qərargah ala bilmişik. Sabah Əmlak Komitəs söylədi ki, bu qərargahda sizin yerləşməyiniz məqsədəuyğun deyil, siyasi partiyanın yeni qərargah tapması üçün ona nə qədərsə vaxt verilməlidir. QHT 3-5-10 nəfərdən ibarət bir qurumdur. Dərzi kimi iynəsini yaxasına taxıb istənilən yerə köçə və fəaliyyətini öz evində də həyata keçirə bilər. Amma siyasi partiyanın ən azı 15–20 nəfərlik siyasi şurası var, rəhbər ali məclisi var. Onların yerləşdirilməsi üçün tezliklə qərargah tapmaq elə də asan məsələ deyil.
Ona görə də, məncə, siyasi partiyalarla bağlı müddəada dəyişiklik etmək lazımdır. Əgər siyasi partiyanın qərargahının hüquqi ünvanı dəyişirsə, ona ən azı 3 ay vaxt verilməlidir ki, yeni qərargah tapsın və ünvan dəyişikliyi ilə bağlı məlumatı o müddət ərzində müvafiq dövlət orqanına çatdıra bilsin. Məncə, bu məsələ üzərində düşünülsə, yerində olar. Çünki QHT-lərlə bir yerdə siyasi partiyaların da fəaliyyətin məhdudlaşdırmaq  ciddi problemlər yarada bilər. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün bizə təqdim olunmuş qanun layihələri arasında mühüm dəyişiklikləri özündə əks etdirən bir neçə qanun layihəsi müzakirə olunmaqdadır. Mən bu dəyişiklikləri, xüsusən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklikləri müsbət qiymətləndirirəm.
Bilirsiniz, burada əsas məqsəd, doğrudan da, dövlətçiliyimizin qorunması, destruktiv, dağıdıcı qüvvələrin QHT-lərdən siyasi təzyiq və təsir aləti kimi istifadə etməsinin qarşısının alınmasıdır. Ümumiyyətlə, qeyd etməliyəm ki, QHT-lərin fəaliyyətinin tənzimlənməsi, bu sahədə dövlət və ictimai nəzarətin gücləndirilməsi labüd və qaçılmazdır. Əlbəttə, bu dəyişikliklər qəbul edilərkən bəzi QHT-lərin işində müəyyən çətinliklər yaranacaq, lakin tədricən bu qurumlar da qayda-qanun çərçivəsində, hüquqi nəzarət şəraitində işləməyə alışacaqlar və öz işlərində dövlətin milli maraqlarını, inanıram ki,  üstün tutacaqlar.
Yeri gəlmişkən, bizə dost və strateji tərəfdaş olan Ukraynanın paytaxtında bu həftələr ərzində gedən prosesləri narahatlıq və təəssüf hissi ilə izləyirik. Bu vəziyyəti yaradan və idarə edən qüvvələr də məlumdur. Mənim üçün həqiqət anı o vaxt peyda oldu ki, Kiyevin Avropa meydanında yerli müxalifətlə çiyin-çiyinə Polşanın keçmiş prezidentinin qardaşı Yaroslav Kaçinski, Litva parlamentinin spikeri Loretta Qraujinene, hətta bizim müxalifət liderləri də çıxış edərkən onları gördük.
Kütləvi informasiya vasitələrində belə informasiya dolaşır ki, Avropa meydanında kütləvi aksiyaların mütəmadi qaydada keçirilməsini və aksiya iştirakçılarının  hərtərəfli təmin olunmasını maliyyələşdirmək məqsədi ilə Ukrayna QHT-lərinə Qərb ölkələrindən 15 milyon dollar nağd pul gətirilib. Bu faktla əlaqədar Ukraynanın hüquq mühafizə orqanları indi istintaq aparır. Bu mitinqlər nəticəsində Ukrayna iqtisadiyyatına dəyən zərər 3 milyard dollarla ölçülür. Sizcə, bu cür hallara suveren dövlətin daxili işlərinə qarışmaq, destruktiv fəaliyyətdən başqa nə ad vermək olar?
Göründüyü kimi, xarici dövlətlər Ukraynada QHT-lərdən, ictimai birliklərdən, müxtəlif fondlardan öz məqsədləri üçün fəal surətdə, gen-bol istifadə edirlər. Məhz buna görə hesab edirəm ki, bizim bu gün müvafiq qanunlara edilən dəyişikliklər çox məntiqli və aktualdır. 
Əli müəllim, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərlə bağlı mənim iki sualım var. Xahiş edərdim, onları cavablandırasınız. 14.2.5-ci maddədə qeyd olunur ki, quruma edilmiş xəbərdarlıqlar və verilmiş göstərişlər barədə məlumatlar da dövlət reyestrinə daxil edilir. Burada söhbət hansı orqanların verdiyi xəbərdarlıq və göstərişlərdən gedir? Məncə, bunu başqa cür, yəni belə  yazmaq olardı: “müvafiq icra hakimiyyəti orqanı tərəfindən quruma edilmiş xəbərdarlıqlar və verilmiş göstərişlər”. Yoxsa burada qeyri-müəyyənlik yaranır.
Digər sualım 15-ci maddə ilə bağlıdır. Belə ki, təklif edilən dəyişikliyə görə, dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün müəyyən olunur. Bilirsiniz, 90 gündə hər şey ola bilər. Əksər məsələlərdə bizdə, məsələn, torpaq mülkiyyəti ilə bağlı çıxarışların etibarlılıq müddəti cəmi 30 gündür. Ona görə mənə maraqlıdır ki, dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti hansı səbəblərə görə 90 gün müəyyən edilir. Məncə, bu çox uzun müddətdir. Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirəsiniz. Ümumilikdə isə dəyişiklikləri müsbət dəyərləndirir və həmkarlarımı onların lehinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Elmira xanım, çox sağ olun, təşəkkür edirəm. Mən əminəm ki, hörmətli Siyavuş müəllim də, Sədaqət xanım da mənim dediyim fikirlərlə həmrəydirlər. Demək istəyirəm ki, qanun layihələri sizə paylanıb, oxumusunuz. Bu qanun layihələrinin əsas fəlsəfəsi şəffaflığın təmin edilməsidir. Burada heç kim heç nə axtarmasın. Şəffaflıq, şəffaflıq, şəffaflıq. Bu qanuna dəyişikliklərin fəlsəfəsi bundan ibarətdir. Xahiş edirəm, düzgün qəbul edin. Ona görə, Siyavuş müəllim, əgər etiraz eləmirsinizsə, səsə qoyaq. 
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən.  Buyurun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Həmkarlarım Zahid Orucun da, Elmira xanımın da dediyi fikirlərlə mən tamamilə razıyam.  Bir neçə kəlmə öz fikirlərimi demək istəyirəm.
Ziyafət müəllim çox düzgün qeyd elədi. Doğrudan da, şəffaflıqdan qorxmursunuzsa, burada nə dəyişiklik baş verir ki?  Söhbət ondan gedir ki, aldığın, xərclədiyin, sərf etdiyin vəsait şəffaf şəkildə cəmiyyətə təqdim olunmalıdır. Ömrü boyu şəffaflıqdan danışıb, şəffaflıq ortaya gələndə başlayırlar ki, qeyri-hökumət təşkilatları sıxışdırılır, hüquqi şəxslərin qeydiyyatı məhdudlaşdırılır və sair. Bu gün Azərbaycanda hüquqi şəxslərin, o cümlədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının qeydiyyatı çox asan həyata keçirilir. Burada heç bir sıxışdırılma yoxdur.
Söhbət Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət quruluşuna və ayrı-ayrı sahələrə ziyan vurmaq istəyən qüvvələrin  Azərbaycanda müəyyən adamları pulla ələ alaraq bu istiqamətə yönəltməsinin qarşısının alınmasından gedir. Bizdən neçə il əvvəl Rusiya bu qanunu qəbul eləyib, özü də çox sərt şərtlərlə qəbul edib. Yəni bu qanun Rusiyada və o cümlədən MDB ölkələrinin əksəriyyətində mövcuddur. Bir azərbaycanlı gedib Almaniyada belə bir təşkilat yaradıb  hansısa siyasi partiyalarla, yaxud qeyri-hökumət təşkilatları ilə iş apara bilərmi?  Qəti mümkün deyil. Qapısından içəri buraxmazlar. Biz bunun şahidiyik.
Görürük ki, Azərbaycanda yaradılan qeyri-hökumət təşkilatlarının əksəriyyəti nədənsə hüquq müdafiəçisi, seçki və digər buna oxşar qurumların yaradılmasına üstünlük verir. Bu yaxınlarda qiymət artımı ilə bağlı bir məsələ ortaya çıxdı. Fermerlərin hüquqlarının müdafiəsini üzərinə götürən bir dənə qeyri-hökumət təşkilatı yoxdur ki, çıxa deyə, fermerlərin ziyanı nədir, xeyri nədən ibarətdir, yaxud da sürücülərin ziyanı nədir, xeyri nədir. Amma tutaq ki, biri bir dələduzluq edir, yaxud bir iş görür, qanunu pozur, bunun haqqında ölçü götürüləndə hüquq müdafiə təşkilatları dərhal tökülürlər ortaya, başlayırlar ki, yox, bu  filan partiyanın üzvüdür və ya o partiyanın yanından keçib. Ona görə mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşmaq lazımdır.
Bu gün Azərbaycanda bir sıra siyasi partiyalar qeyri-hökumət təşkilatları vasitəsilə maliyyələşir. Həmin partiyalar 20 ildən artıq fəaliyyət göstərməsinə və şəffaflıqdan dəm vurmasına baxmayaraq, bu günə qədər öz maliyyə hesabatını bir dəfə də olsun dərc etdirməyib. Halbuki “Siyasi partiyalar haqqında” Qanunda bu tələb var.
Biz dəyişiklik elədik, dövlət büdcəsindən maliyyə alanlar artıq aidiyyəti strukturlara bu hesabatları verir. Amma digərləri də gəlsinlər, hesabat versinlər. Prezident və parlament seçkilərində onlar gəlirləri haqqında deklarasiya verirlər. Mən bu deklarasiyalara baxmışam. O siyasi partiya rəhbərlərinin gəlirlərinin qarşısında sıfır dayanıb. Yəni onların heç bir gəliri yoxdur, sıfırla yaşayırlar. Bəs gəlirin yoxdursa, necə olur, günü-gündən rəngin açılır, sifətin düzəlir, çəkin də artır? Cangüdənlərin, maşınların haradandır? Orada çalışan 30–40 nəfər haradan əmək haqqı alır? Bəlkə onların qərargahlarında göydən dollar yağır? O təşkilatlar həmin partiyalar ətrafında yaranıblar və onların maliyyələşməsi ilə məşğuldurlar.
Gəlib Azərbaycanda fəaliyyət göstərmək istəyirsən, get Bakı Dövlət Universitetinə, hüquqşünas, müəllim, yaxud başqa ixtisas üzrə yaxşı bir mütəxəssis dəvət et, gəlsin, bu təşkilata rəhbərlik eləsin. Gedir siyasi partiyanın hansısa bir üzvünü tutur, gəlib yerdəki nümayəndəsi olur. Ya da baxırsan ki, nəsə qarışığı olan bir adamı gətirib həmin qeyri-hökumət təşkilatının rəhbəri qoyur və bu vasitə ilə siyasi partiyaları maliyyələşdirməklə məşğul olur. Ona görə də bu normanın ora salınması düzgündür, lazımdır.
Burada siyasi partiyaların qərargahı ilə bağlı  məsələ meydana çıxdı. Qanun layihəsində söhbət yeni yaranan siyasi partiyadan gedir, yəni partiya yaratmaq istəyirsən, müəyyənləşdir, harada oturacaqsan, yerin varmı, yoxmu.  Konstitusiyada birləşmə hüququ verilibdir. Birləşmək üçün bir yer olmalıdır da, küçənin  ortasında, çayxanada, restoranda birləşmirlər ki. Əvvəlcə bunun maddi təminatını, ideologiyasını müəyyənləşdirsinlər,  sonra gedib birləşsinlər. O norma bu baxımdan nəzərdə tutulub. Yəni o müddəa fəaliyyət göstərən siyasi partiyalara aid deyil.
İkinci bir tərəfdən dövlət heç bir təşkilatın qarşısında öhdəlik götürməyib ki, onu qərargahla təmin edəcək. Bu gün mülkiyyətin üç forması var: dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, özəl mülkiyyət. Get bir özəl şirkətlə müqavilə bağla, onun evini götür, bağını götür, – indi dəbdədir, görürsən, hərdən kiminsə bağını götürürlər, orada yığışırlar, – başqa bir obyekt götür, haqqını ödə, orada siyasi partiya və ya qeyri-hökumət təşkilatı yarat. Bunu heç kəs qadağan etmir. Yoxsa kim isə siyasi partiya yaradır, dövlətə qarşı mübarizə aparır və hələ dövlətdən bir qərargah da istəyir. Ona görə hesab edirəm ki, bu çox düzgün dəyişiklikdir.
Mən bir də dini təşkilatları qeyd etmək istəyirəm. Bu gün, doğrudan da,  müəyyən dini qurumlar var ki, dövlət quruluşunun dəyişdirilməsini qarşısına məqsəd qoyubdur. Həmin qurumların biz bu yaxınlarda atışmalarının da şahidi olduq. Düzdür, hüquq mühafizə orqanları, Milli Təhlükəsizlik Nazirliyi, daxili işlər orqanları çox operativ şəkildə bu məsələlərin qarşısını alır.
Azərbaycanın dövlət quruluşu Azərbaycan xalqının maraqları əsasında, referendum əsasında qurulubdur. Hansısa dini qurum, dini təşkilat, qeyri-hökumət təşkilatı bu quruluşu dəyişə bilməz. Buna cəhd göstərən, təbii ki, Azərbaycan xalqının mənafeyinə, düşüncəsinə, amalına qarşı çıxmış olur. 
Birinci hissədə bir məsələ qaldırıldı. Hər şey məhkəmə yolu ilə həll olunur. Hüquq müdafiəçisi deyilsən, bir yerdə bir iğtişaş törəyəndə sən orada nə gəzirsən? Sual olunur, sənin orada nə işin var?  Hüquq mühafizə orqanları məlumat verir. Əgər düz adamsansa, otur izlə, başqa yerlərdən məlumat al. Hüquq mühafizə orqanlarından qabaq ora gedəndə, təbii ki, deyəcəklər, sən orada nə gəzirdin. İndi məhkəmə aydınlaşdıracaq orada nə gəzir, qərarını da verəcək. Kimin məhkəmədən şikayəti varsa, digər ali instansiyalara müraciət edə bilər. Təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Aytən xanım, xahiş edirəm, qısa. Buyurun.
A.Mustafayeva. Mən onu qeyd etmək istəyirəm ki, bu gün “Şahdəniz-2” layihəsinin yekun sazişlərinin imzalanmasını hamımız təbrik etdik. Amma bizim üçün bir dənə də böyük hadisə baş verib. Dünən kütləvi informasiya vasitələrində dərc olunmuş məlumata görə, Amerikanın Dövlət Departamenti tərəfindən erməni terror təşkilatlarının bütün sənədləri aşkarlanıb. Bu böyük qələbədir, dostlar, bu, Azərbaycan üçün çox böyük bir fürsətdir. Bu bizim diplomatiyanın qalibiyyətidir. Mən bununla sizi təbrik edirəm.
10 ildən də çox bundan öncə  professor Rövşən Mustafayev tərəfindən erməni terrorizmi haqqında hətta qısa bir ensiklopediya da yaradılmışdı. Amerika artıq gözünü açıb bunların dünyada törətdikləri terror aktlarını görsün. 1983-cü ildə Portuqaliyada ermənilərin türk diplomatlara qarşı terror aktından sonra Ronald Reyqan başqa dövlətlərin rəhbərlərinə məktub yazıb müraciət etdi ki, biz artıq bu bəlaya qarşı açıq mübarizə aparmalıyıq. Bu gün o hadisədən 30 il keçib və erməni terror təşkilatlarının sənədləri aşkarlanıb. Mən ümid edirəm ki, erməni terroruna qarşı  Avropanın və bütün dünyanın da gözləri açılacaq. Təbrik edirəm hamınızı. Təşəkkür edirəm.
Sədrlik edən. Aytən xanım, çox sağ olun, təşəkkür edirəm. Amma bizim hamımızın arzusudur ki, o açılan sənədlər içərisində ermənilərin Azərbaycan ərazisində azərbaycanlılara qarşı törətdikləri terror sənədləri də olsun. Bunu çox istərdik.  Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çox qısa arayış şəklində suallara cavab vermək istəyirdim, çünki bunlar Milli Məclisin özünün təklifləridir və bizim komitə tərəfindən hazırlanıb. Əlbəttə ki, ehtiyac olarsa, bizim bu sənədin üzərində işləmək imkanımız var.
Birincisi, hörmətli millət vəkillərinə, xüsusilə Zahid müəllimə, Elmira xanıma, Siyavuş müəllimə xüsusi təşəkkürümü bildirirəm ki,  bu layihənin  məqsəd və məramı ilə bağlı dəyərli fikirlər söylədilər. Eyni zamanda,  Zahid müəllimin o fikrini də bölüşürəm ki, hüquqi şəxslərin qeydiyyat məsələsi daim gündəmdədir və qeydiyyat məsələsində icra ilə bağlı hər hansı bir problem olmalı deyil. 
Hörmətli Fazil bəyin söylədiyi fikirlərin biri ilə bağlı Siyavuş müəllimin açıqlamasını bölüşürəm. Həqiqətən də, 5.4.5-ci maddədə ancaq ilkin qeydiyyat üçün ünvan nəzərdə tutulur, sonrakı proseslərdə əgər siyasi partiyanın, yaxud hansısa başqa bir hüquqi şəxsin yeri yoxdursa, buna görə hər hansı bir tələb nəzərdə tutulmur.
Mən Fazil bəyin 5-ci maddə ilə bağlı dedikləri ilə razı deyiləm. Çünki biz burada hansısa bir yeni anlayış vermirik. Sadəcə, hüquqi ünvan sözlərinə bir izahat veririk. Ona görə də bu ifadənin qanunun anlayışlar hissəsində olmasına ehtiyac yoxdur. Bu bizim qanunvericilik texnikamıza uyğundur. Biz arada görürsünüz ki, hansısa bir məsələyə məhz həmin qanun çərçivəsində mötərizədə izahat veririk.
Hörmətli Elmira xanım, Sizin, ümumiyyətlə, həm Azərbaycanda, həm də postsovet məkanında baş verən proseslərlə bağlı söylədiyiniz fikirləri bölüşürəm. Təəssüf olsun ki, təkcə digər respublikalar yox, Azərbaycan da tarixinin müəyyən bir hissəsində bu hadisələr yaşayıb. Xarici QHT adı altında bizim suveren hüquqlarımıza kobud müdaxilələr olub.
Amma onu da  söyləmək istəyirəm ki, biz bu məsələlərdə çox dözüm göstərmişik və bunu çox zaman işıqlandırmamışıq. Biz bunları ümumi demokratik inkişaf baxımından etmişik. İndi Siz özünüz qonşu ölkədən nümunə gətirdiniz. Onlar, həqiqətən, çox açıq müdaxilələrdir. Biz də tarixin bu hissəsini, təəssüf ki, yaşamışıq. Bir daha vurğulamaq istəyirəm ki, bizim təklif etdiyimiz dəyişikliklər hansısa bir təhdidlərlə bağlı deyil, bu dəyişikliklər ancaq QHT-lərin fəaliyyətinin şəffaflığına yönəlib.
Siyavuş müəllim də o fikri vurğuladı. Əgər proses şəffafdırsa və qanunda nəzərdə tutulmuş hallar varsa, misal üçün, qrant alan QHT müqavilə imzalayırsa, bu, şəffaflığın bir nümunəsidir. Bu bütün cəmiyyət üçün yaxşı bir nümunədir. 
Elmira xanım, “Dövlət reyestrinə daxil edilən məlumatlar” adlı 14-cü maddədə ismin müxtəlif hallarında verilən “qurum” sözü məhz hüquqi şəxslər mənası daşıyır, deyək ki, QHT, siyasi partiya, dini təşkilat, vətəndaş cəmiyyəti və sair. Yəni bu, müvafiq icra hakimiyyəti orqanı mənası daşımır. Amma nə isə bir anlaşılmazlıq varsa, biz onu işçi qaydasında istənilən anda həll edə bilərik.
90 gün müddəti. Əlbəttə, bu bizim təklifimizdir. Burada məqsəd nədir? Bizim qanunvericilik müəyyən edir ki, hüquqi şəxsin vəziyyəti dəyişə bilər. Misal üçün, xarici qeyri-hökumət təşkilatı ləğv olunubsa,  onun filialı da fəaliyyətini dayandırmalıdır. Hazırda belə bir müddəa yoxdur. Beynəlxalq qeyri-hökumət təşkilatı artıq fəaliyyət göstərmir, amma onun filialı fəaliyyət göstərir. Belə bir formatda arayış almağa ehtiyac olur.
Biz, əlbəttə, 90 günü təklif edəndə daha çox QHT-lərin, hüquqi şəxslərin marağını nəzərdə tuturuq ki, alınmış reyestrdən çıxarışın etibarlılıq müddəti mümkün qədər çox olsun. Amma biz bunu azalda da bilərik, bir qədər çoxalda da bilərik. Bunu istənilən anda həll edə bilərik. Məqsədimiz, sadəcə, ondan ibarətdir ki, çıxarışın müəyyən bir etibarlılıq müddəti olsun. Çünki o, sonsuz etibarlı ola bilməz. 
Bizim burada təklif etdiyimiz dəyişikliklər mənim təqdimat zamanı söylədiyim Azərbaycan dövlətçiliyi ilə, milli təhlükəsizliyimizlə birbaşa bağlıdır. Bunu isə hesab edirəm ki, siyasi baxışlarından asılı olmayaraq bütün millət vəkilləri bölüşürlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, 9-cu məsələyə –  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr  (saat 13.54 dəq.)
Lehinə   93
Əleyhinə    0
Bitərəf  0
Səs verməd   0
İştirak edir   93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, növbəti məsələyə – “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr       (saat 13.55 dəq.)
Lehinə    93
Əleyhinə    1
Bitərəf   0
Səs verməd 0
İştirak edir   94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, bu qanun layihəsinə də münasibət bildirək. 

Səsvermənin nəticələr   (saat 13.55 dəq.)
Lehinə   92
Əleyhinə   1
Bitərəf    0
Səs verməd   0
İştirak edir    93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Bu qanun layihəsinə də, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr    (saat 13.56 dəq.)
Lehinə    92
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir    92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, mən Əli müəllimə təşəkkürümü bildirirəm ki, təsdiq etdiyimiz qanun layihələri barədə kifayət qədər ətraflı məlumat verdi. Çünki bu qanun layihəsi də indicə müzakirə olunmuş qanunlarla bilavasitə əlaqədardır. Eyni zamanda, millət vəkillərinə dəyərli fikirlərinə, çox obyektiv çıxışlarına, Azərbaycan dövlətinin müdafiəsi, milli təhlükəsizliyi, siyasi, demokratik inkişafı üçün zəruri olan bu qanunla əlaqədar təkliflərinə görə təşəkkürümü bildirirəm.
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü hissəsində dəyişiklik nəzərdə tutulur. Eyni zamanda, təklif olunur ki, qanunun preambulasına “(o cümlədən subqrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların)” sözləri əlavə edilsin. 
4-cü maddənin beşinci hissəsinin birinci cümləsində isə “əməliyyatlar keçirilə” sözləri “bank və hər hansı digər əməliyyatlar aparıla” sözlər ilə əvəz edilir.
Qanuna aşağıdakı redaksiyada 4-1-ci maddə əlavə edilir: “Bu maddədə qrant müqaviləsinin qeydiyyatı ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi üzrə əlavə müqavilələrin, habelə müqavilələrin müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur”.
Hesab edirəm ki, qəbul ediləcək qanun layihələri bütövlükdə Azərbaycanda qeyri-hökumət təşkilatlarının Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq fəaliyyət göstərməsinə xidmət edəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.  
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr    (saat 13.59 dəq.)
Lehinə   91
Əleyhinə   0
Bitərəf   0
Səs verməd 0
İştirak edir  91
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim bir qanun layihəmiz qalır – bugünkü iclasımızın sonuncu məsələsi. Əvvəla, bir məsələni mən sizinlə razılaşdırmalıyam. Bu qanun layihəsi həcm etibarilə cəmi 8 maddədən ibarətdir. Bəlkə biz fasiləsiz işləyək, bu qanun layihəsini yekunlaşdıraq,  sonra iclasa xitam verək? Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyimizin sonuncu məsələsi. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikası qanununun layihəsi. İkinci oxunuşdur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məruzə edəcək. Buyurun, Çingiz müəllim.
Ç.Qənizadə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlarım! 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında qanun layihəsini keçən iclasda mən sizin diqqətinizə çatdırdım. Hörmətli Ziyafət müəllimin qeyd etdiyi kimi, bu qanun 8 maddədən ibarətdir. Qanunun müzakirəsindən sonra təklif olunan bir neçə məsələ vardı ki, biz onları ikinci oxunuş üçün tam hazırladıq və hazırda sizin diqqətinizə təqdim edirik.
Qısaca məlumat vermək istəyirəm ki, qanunda iki hissə ilə bağlı təkliflər olmuşdu. Birinci, təklif edilmişdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndi qanunun preambula hissəsinə əlavə olunsun. Məlumat üçün  qeyd edim ki, Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bənd Azərbaycan Respublikası vətəndaşlarının insan və vətəndaş hüquqlarının və azadlıqlarının istifadəsinə dövlət təminatının verilməsi ilə bağlı bir müddəadır. Onun bu qanuna salınması məqsədəuyğun hesab olundu.
Qanunun 6.2-ci maddəsində isə təkrarçılığa yol verilmişdi. Müzakirə zamanı həmkarlarımız tərəfindən bu məsələ də diqqətimizə çatdırıldı və  biz bu maddədən “və həmin orqan vətəndaşın ölümünü dövlət qeydiyyatına aldıqdan sonra fərdi identifikasiya kartı onu vermiş orqana qaytarılır” sözlərini çıxarmaqla təkrarçılığı aradan götürdük. Beləliklə, bu bəndi də tam dolğun bir vəziyyətə gətirib çatdırdıq.
Qeyd edim ki, bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanunun qəbulundan sonra onun işləməsi üçün müvafiq icra hakimiyyəti orqanına aradakı müddət kəsimində imkan veriləcək ki, bu kartların verilməsi üçün müvafiq avadanlıqları və mütəxəssislər Azərbaycana gətirsin və yerli mütəxəssisləri yetişdirsin. 
Belə hesab edirəm ki, qanun tam dolğundur və qəbul olunmalıdır. Nəzərinizə çatdırım ki, bu qanunla verilən fərdi identifikasiya kartları vətəndaşların ölkə daxilində sərbəst hərəkət etməsi üçün onların şəxsiyyətini təsdiq edən sənəd kimi təqdim olunur. Lakin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna  uyğun olaraq bu sənədlərlə ölkədən kənara çıxmaq və ya gəlmək qadağan edilir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim.
Hörmətli deputatlar, ikinci oxunuşun tələbinə görə biz qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl onu əsas kimi qəbul etməliyik. Ona görə xahiş edirəm, ikinci oxunuşda qanun layihəsinə münasibətinizi bildirəsiniz. 

Səsvermənin nəticələr   (saat 14.04 dəq.)
Lehinə   88
Əleyhinə   0
Bitərəf   0
Səs vermədi 1
İştirak edir   89
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsi ilə əlaqədar çıxış etmək istəyənlər varmı? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu, doğrudan da, Çingiz müəllimin dediyi kimi, çox kamil, təkmil bir sənəddir. Ona görə əgər etiraz etmirsinizsə, biz səsverməyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihəsi kiçik həcmli olduğuna görə maddələri dörd-dörd səsə qoya bilərik. Bizim qanunvericilik buna imkan verir. Qanun layihəsinin preambulasını və 1, 2, 3, 4-cü maddələri səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə   89
Əleyhinə    0
Bitərəf   0
Səs verməd 0
İştirak edir   89
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 5, 6, 7 və 8-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələr   (saat 14.05 dəq.)
Lehinə   85
Əleyhinə    0
Bitərəf   0
Səs verməd   0
İştirak edir  85
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, qanun layihəsinə bütövlükdə səs verək.

Səsvermənin nəticələr   (saat 14.06 dəq.)
Lehinə   90
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    90
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun.
Rəbiyyət xanım oradan mənə işarə edir ki, əgər ikinci oxunuşda çıxış etmək istəyən yoxdursa, bunu üçüncü oxunuşa saxlamağın məntiqi varmı? Düz başa düşdümmü Sizi, Rəbiyyət xanım?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Onda xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr   (saat 14.07 dəq.)
Lehinə   88
Əleyhinə   0
Bitərəf   0
Səs verməd   0
İştirak edir   88
Nəticə:  Qəbul edildi

Qəbul edildi, sağ olun. Hamınıza təşəkkür edirəm. Bununla da iclasımız sona çatdı. Sağ olun.

 

Edilməmiş çıxışın mətni
17 dekabr 2013-cü il
_____________

Sədaqət Vəliyeva. Bu gün parlamentin plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdirəlayiqdir. İrəli sürülmüş təkliflər ilk olaraq Azərbaycan sosiumunu mümkün təhlükələrdən sığortalamış olacaq.
Bütün sivil cəmiyyətlərdə, xüsusilə də demokratik inkişafı özünə prioritet seçmiş gənc ölkələrdə vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatları müxtəlif siyasi və qeyri-siyasi oyunların alətinə çevrilməkdədir. Bu sahədə manipulyasiya və manevrlər üçün imkanlar geniş olduğundan qərəzli dairələr və qüvvələr məqsədlərinə nail olmaq üçün QHT-lərin imkanlarından geniş  istifadə edirlər.
Elə Azərbaycan da bu cür hallardan sığortalanmayıb, xüsusilə də son illər ərzində əldə etdiyimiz nailiyyətləri həzm edə bilməyən antiazərbaycan qüvvələri müxtəlif QHT-lər vasitəsilə ölkədə qarışıqlıq  yaratmağa çalışırlar. Hər kəsin yadındadır ki, prezident seçkilərindən öncə adı cəmiyyətə bəlli olan xarici ölkə QHT-sinin regional nümayəndəliyi bir qrup müxalifət gəncinə yüz min manatlarla pul, səs bombası, narkotik vasitələr verməklə siyasi sabitliyə xələl gətirməyə çalışdı.
Bəzi QHT-lər, ictimai birliklər ölkəmizdə müxtəlif maraqlı dairələrə reallıqdan uzaq hesabatlar, məruzələr göndərməklə məşğuldurlar. Onlar ölkəmizin imicinə zərbə vurmaqla yanaşı, vətəndaşlarımızın da aldadılmasına səbəb olur. Bir müddət öncə qərargaha müraciət etmiş gənc xanım bildirdi ki, xarici QHT-lər Azərbaycanda, əsasən, siyasi sorğular təşkil edərək qeyri-obyektiv, şişirdilmiş nəticələri Avropada, Amerikada yerləşən ofislərinə göndərirlər. Lakin işin sonunda hüquqi ünvanı olmayan bu QHT-lər yoxa çıxırlar. Sonra da məhz müxalifət qəzetlərinin səhifələrində həmin QHT-lərin böhtan dolu məruzələrini görürük.
Göründüyü kimi, bu, sistemli bir işdir. Ona görə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini yüksək qiymətləndirirəm və dəstəkləyirəm. İnanıram ki, bu dəyişikliklər nəticəsində Azərbaycanda QHT-lər daha şəffaf fəaliyyət göstərəcək və vətəndaş cəmiyyətinin, dövlət–cəmiyyət münasibətlərinin inkişafına öz töhfəsini verəcək.
Bütün bunlarla yanaşı, ümumilikdə, cəmiyyətimizi narahat edən, xüsusilə də QHT-lərin fəaliyyətinə birbaşa aidiyyəti olan problemlərə də toxunmaq istərdim. Bu gün Azərbaycanımızın inkişafı üçün hakimiyyət tərəfindən bütün işlər görülüb, imkanlar səfərbər edilib. İqtisadiyyatın liberallaşdırılması, orta sinfin formalaşması, sahibkarlar təbəqəsinin sosial-iqtisadi proseslərə təsirinin artması ölkəmizin tərəqqisinə və gözəlləşməsinə şərait yaradıb. Lakin bu inkişaf xəttinə paralel olaraq sosial-mədəni tərəqqi prosesində ləngimələrimiz olur. Burada isə əsasən mənəvi məsələləri və QHT-lərin böyük əksəriyyətinin vətəndaş cəmiyyətinin inkişafına dəstək ola bilməməsini qabartmaq istərdim.
Düşünürəm ki, hazırda Azərbaycan QHT-ləri müharibə şəraitində erməni lobbisinin informasiya hücumlarının dəf edilməsində, vətənpərvərlik ruhunun yüksəldilməsində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, cəmiyyətimizin mənəvi dəyərlərinin qorunmasında, diaspor nümayəndələrimizin tanıdılmasında, onların fəaliyyətinin təbliğ edilməsində və digər istiqamətlərdə fəal iş aparmalıdırlar. Amma təəssüflər olsun ki, bir çox QHT-lər yalnız hesabat vermək xatirinə bu sahədə işləyir. Hətta bəzi QHT-lər var ki, guya vətənpərvərlik, narkomaniyaya qarşı mübarizə mövzularında layihələr reallaşdırırlar. Lakin onların işi 3–5 nəfərin birdəfəlik yığıncağından ibarət olur və dövlətin ayırdığı maliyyə vəsaiti hesabına reallaşdırılan bu layihələrdən heç cəmiyyətin xəbəri olmur.
Xahiş edirəm ki, QHT-lərin əməli fəaliyyətinə nəzarət artırılsın, çünki hesabatlılıq cəmiyyətimizə hansısa xeyir verməyəcək. Bununla yanaşı, QHT-lərin ixtisaslaşdırılması məsələsinə baxmaq lazımdır. Konkret mövzu ilə bağlı layihə reallaşdıran QHT-lərin nəticələri elmi-təcrübi baxımdan təhlil edilməli, aidiyyəti orqanlarla işbirliyi qurulmalıdır. Yalnız koordinasiyalı iş cəmiyyətimizin sosial-mədəni evolyusiyasını reallaşdıracaq.
Eyni zamanda, QHT-lər artıq sosial reklamlara, mənəviyyatımıza zərbə vuran teleseriallara da diqqət ayırmalıdırlar. Bu günə qədər görmədik ki, bir QHT cəmiyyətimiz üçün əhəmiyyətli sayılacaq sosial reklam çarxı, çağırışlar hazırlasın və televiziyalarda yayımlasın. Sosial reklam onun üçün lazımdır ki, cəmiyyətimizi düşündürən, mənəvi kodekslərimizə birbaşa aidiyyəti olan məsələləri ictimailəşdirsin, qüsurların aradan qaldırılması üçün təkliflərini versin, sosial çarxlarla da kütləvi şüuru hərəkətə gətirsin. Bu mənada QHT-lərə nəzarət sektoru ictimai birlik sədrlərinin bilik səviyyələrinə də fikir verməlidir.
Digər məsələ son aylar ərzində dövlətin ayırdığı maliyyə vəsaiti hesabına çəkilən teleseriallarla bağlıdır. Niyə axı Azərbaycan TV-lərinin çəkdiyi teleseriallar yalnız mənəviyyatsızlığı təbliğ edir? Hələ də vətənpərvərlik ruhunda yalnız ANS televiziyasının çəkdiyi serialı göstərə bilərəm. Müharibə şəraitində olan Azərbaycan gənclərinin şüurunda qəhrəman obrazları yaratmağa məgər bir film bəs edirmi? Adını çəkmək istəmədiyim televiziya kanallarında efirləri mənasız, ictimai əhəmiyyəti olmayan verilişlərlə doldururlar. Kiminsə ailə-məişət probleminin televiziyada qabardılması cəmiyyətimizə nə verir? Təbii ki, heç bir şey. Ona görə də QHT-lər bu sahədə də fəal işləməli, təşəbbüsü ələ almalı və mənəvi kasadlığı təbliğ edən tendensiyaların qarşısına keçməlidirlər.
QHT-lər, eyni zamanda, dövlət orqanları ilə birgə uşaqların psixoloji vəziyyətinə təsir edən cizgi filmlərinin çəkilməsi məsələsinə xüsusi diqqət ayırmalıdır. Ümumiyyətlə, gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün QHT-lər fəaliyyətini məktəblərdə qurmalıdır. Onsuz da keçmiş SSRİ zamanında tarixi yaddaşımıza kifayət qədər zərbə vurulub. Əgər bu gün keçirilən sorğularda bəzi gənclərimizin Azərbaycan dövlətinin nə zaman müstəqillik qazandığını, himnin sözlərini, dövlət bayrağının rənglərinin mənasını bilmədiyi üzə çıxırsa, bu faciədir.
Bir sözlə, mənəvi məsələlərlə bağlı bir çox problemlər hələ də açıq qalmaqdadır. Dövlətimiz, Prezident cənab İlham Əliyev lazımi maliyyəni ayırır, dəstəyini verir. Bu mənada vətəndaş cəmiyyətinin təsirinin daha da artırılması və sosiumun inkişafı naminə bütün QHT-ləri, televiziya kanallarını, aidiyyəti orqanları birgə işləməyə çağırıram.

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU