25.02.2014 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ

PROTOKOLU  № 83

Milli Məclisin iclas salonu.
25 fevral 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 105
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Də-niz Administrasiyasının rəisi.
Əhməd İsmayılov, Azərbaycan Respublikası Dövlət Də-niz Administrasiyası Aparatının rəhbəri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Fe-derativ Respublikası Hökuməti arasında maliyyə əməkdaş-lığı haqqında” Sazişin (2008–2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respub-likası qanununun layihəsi haqqında.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Asim Molla-zadə, Qüdrət Həsənquliyev, Bəxtiyar Əliyev, Fazil Mustafa, Fərəc Quliyev, Kamilə Əliyeva, Xanhüseyn Kazımlı, İqbal Ağazadə, Rəbiyyət Aslanova, Siyavuş Novruzov, Fəzail Ağamalı, Mübariz Qurbanlı

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının “Xəzər dənizinin qu-ruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Zahid Oruc, Ziyafət Əsgərov, Zeynəb Xanlarova, Qalib Salahzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008–2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, İlyas İsmayılov, Tahir Rzayev, Muxtar Babayev, Valeh Ələsgərov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

25 fevral 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, sabah Xocalı soyqırımının ildönümü qeyd edilir. Xahiş edirəm, faciə zamanı həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah şəhidlərimizə rəhmət eləsin.
Hörmətli deputatlar, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Bildiyiniz kimi, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə bütün beynəlxalq təşkilatlara müraciət olunmuşdur.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görü-lən tədbirlər mütəşəkkil xarakter almışdır. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.  Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, eyni zamanda, Milli Məclisin və digər dövlət orqanlarının, eləcə də qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da real və konkret nəti-cələrini verməkdədir.
Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaqdır. Gündən-günə həm siyasi, həm də iqtisadi çəkisi artan Azər-baycan Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğaldan azad edəcək, Xocalı soyqırımının da, digər cina-yətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar.
İndi, hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 105
Yetərsay 83

Yetərsay var, çox sağ olun.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə müna-sibət bildirək.
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Mən bilirəm ki, bu gün çoxunun ürəyində sözlər var, deyəcək. Əgər etiraz eləmirsinizsə, bu müzakirələrdə çıxışları 5 dəqiqə edək ki, çıxış etmək istəyənlərin hamısına vaxt çatsın. Etiraz edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda müzakirələr 5 dəqiqə olacaq. Xahiş edirəm, müzakirələrdə kim iştirak etmək istəyirsə, yazılsın. Müzakirələrə başlamazdan qabaq mən istəyirəm sizə deyim ki, bu gün bizim parlamentdə Latviya–Azərbaycan parla-mentlərarası dostluq qrupunun nümayəndələri iştirak edirlər. Xahiş edirəm, onları Milli Məclisdə səmimi salamlayaq. (Alqışlar.)  Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Əlbəttə ki, hər birimiz kimi mən də xalqımızın həyatında böyük faciə olan Xocalı soyqırımı ilə bağlı o üzüntünü bir daha yaşayır və düşünürəm ki, ötən illər ərzində bu faciənin olduğu kimi dərk edilməsi, onun ağrılarının müəyyən mənada aradan qaldırılması, humanitar fəlakətin ortadan götürülməsi üçün dövlətimiz tərəfindən ən yüksək səviyyədə işlər görülüb. Ondan sonrakı dönəmdə bu qətliam daha sistemli bir iş sayəsində beynəlxalq miqyasda tanınmağa başlayıb. Bu bir tərəfdən saxta erməni soyqırımı təbliğatına dirəniş göstərmək və digər tərəfdən Xocalı qurbanlarının ruhu qarşısında borcumuzu yerinə yetirmək üçün lazımdır.
Qarabağ hadisələrini Xocalı qədər özündə əks elətdirən ikinci hadisə yoxdur. Ermənilərin Azərbaycan dilinə çox uğurla tərcümə olunmuş “Dörd t planı” deyilən bir məxfi sənədi olubdur. Saxta tarix, tarixi tanıtma, sonra təqdimat, sonra torpaq. Yəni onlar bu planı həmin mərhələlər üzrə, sistemli şəkildə həyata keçirirlər. Saxta erməni soyqırımının dünyaya qəbul etdirilməsinə ötən əsrin 60-cı illərində Uruqvaydan başlamışlar və bu prosesi ardıcıl surətdə davam etdirməkdədirlər. Yəqin ki, bir il sonra saxta erməni soyqırımının 100 illiyi ilə bağlı dünyanın daha geniş ərazilərində bu işləri görəcəklər.
Ermənilər sanki bizi beynəlxalq miqyasda hansısa bir süni yarışa qoşulmağa vadar edirlər. Mən çox yaxşı xatırlayıram, Amerikanın bir neçə senatoru bizə demişdi ki, ermənilər bu işi görürlərsə, siz də gəlin bu işi eləyin. Biz qazanmaq istəyirik. Yəni hətta soyqırımının özü ermənilər üçün dövlət quruculuğunun bir paketi, bir layihəsidir, onun üzərində qurulubdur. Amma bizim xalq mental olaraq faciələrlə yaşamır. Bizi tarixin girovluğunda bir kimsə qınaya bilmir.
Əslində, mən sizə çox açıq deməliyəm ki, 26 fevralda insanlar ekranlara baxa bilmirlər. Çünki o faciənin özü azmış kimi, biz onu matəm ruhunda, göz yaşları ilə, yas kimi yaşamağımızla sanki ikinci faciəni həyatımızda keçiririk. Ona görə mən belə düşünürəm ki, əgər biz sistemli hədəflərə yönəlməklə bərabər, ermənilərlə mübarizə aparırıqsa, bizim  bir müəllimimiz bir erməni müəllimindən, bir əsgərimiz bir erməni əsgərindən güclü olmalıdır və sair. Mənim anlamımda yalnız bu halda Qarabağ  problemini ortadan qaldırmaq imkanımız olacaqdır.
Cənab Sədr, mənim toxunmaq istədiyim ikinci məsələ son dövrlər mediada Azərbaycana, həm də Azərbaycan parlamentinə yönəlmiş bir mövzunun, – əslində, kifayət qədər saxta, süni yaradılmış mövzunun, – burada da gündəmə gətirilməsidir. Bilirsiniz ki, Türkiyənin həyatında müxtəlif siyasi mərhələlər olur. Bu da başa düşüləndir. Böyük bir dövlətdir, regional güc sahibidir, qədim döv-lətçilik ənənələrinə malikdir. Xüsusilə də son dövrlər Türkiyənin hazırkı siyasi hakimiyyətinin vaxtilə bərabər olduqları Fətulla Gül və onun çevrəsi, yəni camaat adlandırılan qüvvələrlə problemlərini sanki Azərbaycana da keçirmək yönündə müəyyən qüvvələrin istəkləri, çabaları var.
Son günlər mediada artıq parlament üzvləri arasında da nurçulara bağlı qüvvələrin olduğu iddiaları yer alır. Kim-lərinsə qara mühasibatlıqdan maaş aldığı, mükafatlan-dırıldığı haqqında məsələlər gündəmə gətirilir.  Türkiyənin bəlli müxtəlif siyasi hadisələrini bizim içərimizə keçirmək, 20-dən artıq parlament üzvünü bu cür əsassız suçlandırmaq, Azərbaycan parlamentini, mühüm bir hakimiyyət qolunu kimlərəsə bağlamaq, guya onları təşkilatlanmış qüvvə kimi qələmə vermək çox yanlışdır.
Mən zənn edirəm ki, əslində, onlar təhsil sahəsində Azərbaycan insanına, Azərbaycan vətəndaşına yaxşı xidmət edirlər və görünən budur ki, onların ondan o yana xüsusi iddiaları yoxdur. Əgər kimlərdəsə bunun əksini sübut edən konkret faktlar varsa, ortalığa qoysunlar. Ona görə də parlament üzvlərindən kimlərin adının mediada bu məsələ ilə bağlı qeyd edildiyi bir o qədər önəm daşımır. Burada kimlərinsə güddüyü əsas məqsəd süni quraşdırılmış məsələni Azərbaycanın içərisinə keçirib bu gərginliyi yaratmaqdır. Mən bunun əleyhinəyəm. Çox sağ olun.
Sədrlik edən. Ay hörmətli Zahid müəllim, özün deyirsən ki, bu sünidir, bu şərdir. Niyə həmişə bu süni, şər məsələləri parlament müstəvisinə qaldırmağa çalışırsınız? Hər kəs özünə cavab verə bilər. Niyə bu şəri, bu artıq söhbətləri parlament müstəvisinə qaldırırsınız? Mən hesab edirəm, bu düzgün deyil. Bu heç parlamentdə danışılası məsələ deyil. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan xalqı Xocalıya ədalət istəyir. Ədalət deyəndə biz beynəlxalq tribunalın hökmünü istəyirik. Çünki indiyə qədər yüzlərlə mülki insanı qətlə yetirmiş cinayətkarlar bu gün Ermənistanda fəaliyyət göstərir, münaqişənin həllinin qarşısını alır və biz bölgədə sabitliyə nail ola bilmirik. Çox sağ olsun Azərbaycan Respublikasının Hərbi Prokurorluğu. Onun apardığı istintaq işinin nəticəsində cinayətkarların adları, təqribən 39 nəfərlik siyahı artıq məlumdur.
Azərbaycan dövləti mütləq İnterpola müraciət eləməlidir ki, bu insanları ədalət mühakiməsinə cəlb edə bilsin. Bu-nunla yanaşı, biz Birləşmiş Millətlər Təşkilatında Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılması məsələsini qaldır-malıyıq. Çünki Srebrenitsada olduğu kimi, Ruandada olduğu kimi mülki insanlara qarşı cinayət heç vaxt bağışla-nmamalıdır. Bu cinayətlə bağlı hökmü beynəlxalq məhkəmə, beynəlxalq tribunal çıxarmalıdır. Azərbaycan məhkəməsi bu qərarı verərsə, mənə elə gəlir ki, bu düzgün olmaz.
Xocalıya ədalət ilk növbədə siyasi yox, hüquqi qiymət tələb edir. Bizim qətlə yetirilmiş uşaqların ruhu bu ədaləti və bu beynəlxalq tribunalın yaradılması üzərində Azərbaycan dövlətinin çox ciddi işlər görməsini tələb edir. Hazırda bu cinayətkarların bəziləri Rusiyada yaşayırlar.  Azərbaycanla Rusiya arasında hüquqi əməkdaşlıq məsələləri haqqında saziş var və Azərbaycanın Baş Prokurorluğu bu sazişə əsaslanaraq Rusiyadan bu cinayətkarların Azərbaycana, yaxud da yaradılan beynəlxalq məhkəməyə təhvil verilməsini təmin eləməlidir. Mənə elə gəlir ki, Xocalıya ədalət ilk növbədə belə bir tribunalın yaradılmasından ibarət olmalıdır.
Diqqətinizə çatdırmaq istədiyim ikinci məsələ Ukrayna ilə bağlıdır. Azərbaycanla GUAM-da müttəfiq olan Ukray-nanın müstəqilliyi, ərazi bütövlüyü üçün çox ciddi təhlükələr yaranıb. Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təmin olunsun. Bu ölkədə məlum proseslərin içində olan hər bir siyasətçi öz siyasi məsuliyyətini dərk eləməli və Ukraynada yenə də bütün məsələlər zor müstəvisində, qarşıdurmalar müstəvisində yox, məhz siyasi yolla həllini tapmalıdır.
Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü olduğuna görə bu təşkilatlardan Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin təminatı ilə bağlı çox ciddi işlər görməsini tələb etməlidir. Biz Ukrayna ilə müttəfiqik, dostuq və bu ölkənin qorunub saxlanmasında, dövlətçiliyinin bərpasında böyük maraqlarımız var. Mənə elə gəlir ki, Azərbaycan parlamenti də müvafiq parlament assambleyalarında bununla bağlı fikrin və Ukrayna xalqına, dövlətinə dəstəyini ifadə etməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media mənsubları! Xocalı faciəsindən 22 il keçir. Çox təəssüf ki, bu müddət ərzində biz bu qətliamı törətmiş hərbi cinayətkarların tutulub məhkəmə qarşına çıxarılmasına nail ola bilməmişik. Biz bilirik ki, bunun əsas səbəblərindən biri də beynəlxalq birliyin, dünyanın siyasə-tini müəyyənləşdirən aparıcı dövlətlərin Qarabağ məsələsinə ikili yanaşmasıdır. Məsələn, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir. Amma Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verməli olan Minsk Qrupunun həmsədrləri nəinki Ermənistana münasibətdə hər hansı bir sanksiya və ya təzyiq göstərilməsi barədə düşünmür, əksinə, Ermənistanın vəziyyətini bir az da yaxşılaşdırmaq üçün, sanki bu işğalı Ermənistan bundan sonra da bir 22 il davam elətdirsin deyə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına cəhd göstərirlər. Sanki bunların məqsədi Qarabağ münaqişəsini həll etmək yox, Ermənistanla Türkiyənin münasibətlərini yaxşılaşdırmaq, bölgədə Ermənistanın mövqeyin gücləndirməkdir.
Ona görə də biz bu gün ATƏT-in Minsk qrupunun həm-sədri olan ölkələrin Dağlıq Qarabağ məsələsinə münasibətini qətiyyətlə pisləməliyik. Hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları başqa ölkələrin təcrübəsindən yararlanmalıdırlar. Məsələn, Amerika Birləşmiş Ştatlarının, İsrailin hüquq mühafizə orqanları öz dövlətlərinin maraqlarına toxunan ayrı-ayrı cinayətkarları dünyanın harasında olur-olsun təqib eləyir, ədalət mühakiməsi qarşısına çıxarır, buna nail ola bilmədikdə, sadəcə olaraq, zərərsizləşdirirlər. Hesab edirəm ki, Azərbaycan dövlətinin də buna gücü, imkanı yetər. Sadəcə olaraq, daha qətiyyətli bir mövqe tutmağa ehtiyac var.
Azərbaycanın bu ağır durumunun səbəbi barədə biz parlament tribunasından açıq danışmalıyıq. Biz müsəlman ölkəsiyik və bu faktor  beynəlxalq birlik tərəfindən bizə münasibətdə önəmli rol oynayır, bizimlə ədalətsiz davranılır. Həm Avropada, həm də Amerika Birləşmiş Ştatlarında islamofobiya var və  bu da öz rolunu oynayır.
İslam dünyasına gəldikdə isə, çox təəssüf ki, islam dün-yası birliyin olmadığı dağınıq dövlətlər toplumudur. Bunla-rın böyük əksəriyyəti inkişaf etməmiş ölkələrdir, ciddi da-xili problemləri var. Onlar Avropadan və digər dövlətlərdən asılı vəziyyətdədirlər. Biz bunu qardaş Türkiyənin də timsalında görürük. Müstəqil xarici siyasət yürütmək iqtidarında olmayan müsəlman ölkələri bir çox hallarda həmin dövlətlərin, sadəcə olaraq, iradəsini yerinə yetirməklə məşğuldurlar.
Mən dəfələrlə bəyan eləmişəm, indi parlament tribuna-sından bir də söyləyirəm və yəqin ki, bu işğal davam etdikcə yenə də söyləyəcəyəm ki, Ermənistanın bu gün ayaq üstündə qalmasını təmin edən onun hərbi-siyasi müttəfiqi olan Rusiyadan daha çox bizim qonşu müsəlman respublikalarıdır. Biri İrandır ki, onun başında duranlar islamdan istifadə edərək hakimiyyətə gəliblər və bu gün də islam dini ilə manipulyasiya eləyirlər. Onlar bizim məscidlərimizi, Azərbaycanda islam mədəniyyəti abidələrini dağıtmış Ermənistanla bu dəqiqə də iqtisadi, siyasi, hərbi sahədə, turizm sahəsində ciddi əməkdaşlıq edir və bu əməkdaşlığı gündən-günə də genişləndirirlər. Əlbəttə, biz Türkiyə hökumətinə minnətdar olmalıyıq ki, heç olmasa, Azərbaycan torpaqlarını işğal eləyən Ermənistanla sərhədlərini bağlayıb. Amma siz bilirsiniz ki, Azərbaycan hökumətinin qətiyyətli mövqeyi olmasaydı, onlar da sərhədləri açmağa hazırlaşırdılar və Ermənistanla Türkiyənin iqtisadi əlaqələri gündən-günə genişlənməkdədir.
Ona görə də biz torpaqlarımızın azad olunması üçün heç kimdən, hətta qardaş ölkələrdən belə kömək gözləməməli-yik. Azərbaycan öz gücünə güvənməlidir. Biz xalqın birli-yinə nail olmalıyıq, hərbi sənaye kompleksini inkişaf et-dirməliyik. Azərbaycan bu işğalın bundan sonra da davam eləməsinə artıq dözməməli və biz torpaqlarımızı azad eləməliyik. O zaman Xocalı şəhidlərinin ruhu da şad olacaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli həmkarlar, biz müzakirələri Xocalı soyqırımı ətrafında aparırıq. Bir tərəfdən də Ukrayna və o biri ölkələr haqqında danışmağa başlayırıq. Bu müzakirələrin əsas məqsədi, məncə, Xocalı soyqırımını anmaq və onu dünyaya olduğu kimi tanıtmaqdır. Biz dünya ictimaiyyətində ermənilər haqqında yaranmış “yazıq, məzlum xalq” təsəvvürünü dəyişib göstərməliyik ki, bu xalq yırtıcı xalqdır. Əsas istiqamət bu olmalıdır. Xahiş edirəm, bu istiqamətdə danışaq. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Bu gün, əlbəttə, Azərbaycan xalqı üçün ən ağrılı məsələ və dövlətin bir nömrəli problemi Dağlıq Qarabağ problemidir. Çünki 20 ildən artıqdır, Ermənistan tərəfindən  işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar hələ də düşmən tapdağı altındadır. Bu problemin həlli prosesinə qoşulmuş ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərləri heç bir fayda vermir, onların gördüyü işlərin də nəticəsi yoxdur.
Bunun səbəblərindən biri XIX əsrdən başlayaraq XX əsrin sonu, XXI əsrin astanasınadək zaman-zaman Azər-baycan xalqına qarşı həyata keçirilmiş genosidə, Xocalı soyqırımına məhz həmsədrlər tərəfindən qiymətin verilməməsi və bu məsələ ilə bağlı heç bir mövqe bildirməməsidir. Çünki işğalçının yeri göstərilsəydi, işğalçıya təzyiq göstərilsəydi və onun əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən verilən qiymət həmsədrlər tərəfindən də verilsəydi,  hesab edirəm ki, bu məsələdə irəliləyiş əldə edərdik.
BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsi, ATƏT-in və eləcə də Avropa Parlament Assambleyasının müvafiq qətnamələri var. Avropa Assambleyasının qətnaməsində, ümumiyyətlə, konkret göstərilir ki, Dağlıq Qarabağ ərazisi separatçıların nəzarətindədir, orada azərbaycanlılara qarşı etnik təmizləmə və  soyqırımı həyata keçirilib və o ərazilər heç bir şərt olmadan işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdırlar. Üstündən 9 il keçir. Amma heç bir hərəkət yoxdur. Hesab edirəm ki, biz artıq Minsk Qrupu həmsədrləri qarşısında bu məsələləri konkret qoymalıyıq.
Bu gün dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasət Azərbaycanın həm iqtisadi, həm də siyasi çəkisini dünyada artırır. Artıq dünyada Azərbaycan həqiqətləri dərk olunur, Azərbaycanın sülhməramlı mövqeyi başa düşülür və indi Azərbaycanın nəinki Qafqazda, ümumiyyətlə, Avropada sülhün, sabitliyin əsas qarantı, təminatçısı olması yüksək qiymətləndirilir. Bu gün müharibə təhlükəsini aradan qaldırmaq və Dağlıq Qarabağ problemini həll etmək lazımdır. Ona görə də Leyla xanımın bu təşəbbüsü – “Xocalıya ədalət” kampaniyası bundan sonra da geniş miqyasda davam etdirilməlidir.
Mən daha bir məsələyə toxunmaq istərdim. Keçən iclasda mən bildirmişdim ki, bizim Dövlət Statistika Komitəsi bəzi iqtisadi göstəricilərimizin statistikasında müəyyən rəqəmləri qeyri-dəqiq göstərir. Bununla bağlı məsələyə müəyyən aydınlıq gətirilib. Mən həmkarımız Əli Hüseynliyə də təşəkkür edirəm ki, bəzi müxalifət qəzetlərində dərc olunan və heç bir həqiqətə uyğun gəlməyən məsələlərə öz müsahibəsində aydınlıq gətirdi.
Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytı da, onun statistik rəqəmləri də bütün dünyaya və hər kəsə açıqdır. Burada nəinki illər üzrə, aylar üzrə xarici ticarət dövriyyəsi və malların strukturu, hamısı göstərilib. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri-dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir. Ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirlərsə, bunlar qətiyyən həqiqətə uyğun deyil.
Biz keçən il “Gömrük tarifi haqqında” Qanun qəbul etdik.  2013-cü ilin dördüncü rübündən qüvvəyə minmiş bu qanun  beynəlxalq normalara söykənir. Bütün hesablamalar da həmin metodologiya əsasında aparılır. Çünki bu, dövlətin siyasəti və onun tərəfdar çıxdığı, qoşulduğu konvensiyalarla müəyyənləşir. Ona görə də mən hesab edirəm ki, bu məsələlərə biz kifayət qədər aydınlıq gətirdik və bu məsələlərlə bağlı  hansısa yanlış fikirlərə bundan sonra imkan vermək olmaz. Azərbaycan iqtisadiyyatı güclüdür, inkişaf edir. Əlbəttə, iş olan yerdə ona müəyyən gözlərlə baxanlar da olacaq. Amma hər şeyi obyektiv qiymətləndirmək, mənə elə gəlir ki, işin ən düz tərəfidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Hər bir xalqın taleyində ciddi faciəli hadisələr olur və miqyasına görə bu hadisələr bir-birindən fərqlənir. Xocalı soyqırımının bizim üçün ən ciddi tərəfi odur ki, faktoloji olaraq əlimizdə bu hadisə ilə bağlı çox böyük sübutlar var. İndiyə qədər olan soyqırımların ancaq fotoşəkillərini və başqa materialları, yaxud demokratik cümhuriyyət dövründə istintaq materiallarına əsaslanaraq nəyisə təqdim eləməyə çalışırdıqsa, bu hadisə ilə bağlı  əlimizdə olan materiallar o səviyyədədir ki, biz bunu soyqırımı olaraq sübut eləmək şansına malikik. Ona görə də bu təbliğatın güclənməsi vacibdir və bu gün Milli Məclisdə bunun müzakirə olunması çox əhəmiyyətlidir.
Mən hesab edirəm ki, fəaliyyətin doğru metodunu taparıqsa, bu istiqamətdə uğur qazanmaq şansımız bö-yükdür. Doğru metod deyəndə nəyi nəzərdə tuturam? Avropa Şurasında iştirak edən insanlar xatırlayırlar.  Hər dəfə  biz ora sessiyaya gedəndə qapının ağzında PKK-nın təmsilçiləri durur, hər gələnə bir-bir özlərinin fəaliyyəti və Öcalanla bağlı materialları verirlər. Kimsə almır, kimsə cırıb atır, kənara qoyur, dəxli yoxdur. Ardıcıl olaraq  özlərinin hətta yanlış görüşlərinin belə təbliğatından əl çəkmirlər.
Bu günlərdə biz Cənubi Afrika Respublikasında olanda da deputat həmkarlarım Azər Badamov və Tahir Rzayevlə birlikdə oranın parlamentində bir sıra komitə rəhbərləri ilə görüşlər keçirdik, Xocalı soyqırımı barədə məlumat verdik, Azərbaycanın işğalı ilə bağlı müəyyən materialları Milli Məclis Sədrinin tövsiyəsi ilə onlara çatdırdıq. Hamısının birinci kəlməsi o oldu ki, biz ilk dəfədir bu barədə eşidirik. Amma yəqin ki, əvvəl eşidiblər.
“Xocalıya ədalət” kampaniyası yüksək səviyyədə keçir. Biz bunu təqdir edirik. Amma bunu necə daha intensiv edə bilərik? Bu çox çətin məsələ deyil. Hər il Xocalı soyqırımı günü ərəfəsində burada materiallar hazırlansın,  26 fevraldan iki gün, üç gün, bir həftə öncə qısa bir məlumat broşüru senatorların, millət vəkillərinin, nazirlərin, nazir müavinlərinin poçtuna göndərilsin və onlar bu materialları ən azı alsınlar. Hər il onlara xatırlansın ki, belə bir cinayət baş verib və bu, işğalçı dövlət tərəfindən həyata keçirilib, cinayətin də qurbanı Azərbaycan xalqının günahsız insanlarıdır. Təbliğatda xatırlatma böyük əhəmiyyət daşıyır və əgər bunu vaxtında, ardıcıl edəriksə, əvvəl-axır istədiyimiz nəticələrə nail ola bilərik. Ermənilər yüz ildir, yalançı soyqırımını tanıtmaq üçün savaş verirlər. Biz, heç olmasa, həqiqətlərimizi tanıtmaq üçün onlardan nələrisə öyrənək.
Digər bir məsələ. Bu günlərdə məni çox sevindirən bir hadisə baş verdi. Qarsda Azərbaycan və Türkiyə hərbi qulluqçularının birgə hərbi təlimləri keçirildi. Bunun Xocalı soyqırımı günü ərəfəsində keçirilməsi çox ağıllı bir addımdır. Mən hesab edirəm ki, bunu daha fərqli formada genişləndirmək olar. Cənab Prezident və Türkiyənin Baş naziri tez-tez Türkiyə–Azərbaycan Strateji Əməkdaşlıq Şurasında görüşürlər. Məncə, burada qərar qəbul etmək olar ki, bu təlimlər ildə iki dəfə keçirilsin. Miqyas geniş olmaya da bilər. Məsələn, Azərbaycan tərəfi ilə Türkiyə tərəfi qərara ala bilər ki, bu təlimlər həssas bölgələr olan ərazilərdə – Qarsda, İqdırda, Ərdahanda, Ərzincanda iki tarix – 26 fevral Xocalı soyqırımı günü və 24 aprel ərəfəsində keçirilsin. Bu, Ermənistanda ciddi psixoloj təzyiq  forması kim effekt  verə  bilər.  Yən ən  azı  onlarda bu  düşüncə yarana bilər ki, Türkiyə və Azərbaycan öz xalqlarına qarşı törədilmiş bu qətliamların əvəzini hər zaman çıxmağa, bu qanı yerdə qoymamağa qərarlıdırlar və bunu birlikdə əməli addımlarla ortaya qoymağa çalışırlar. Bu çox vacib məsələdir. Məncə, qeyri-formal da olsa, qərara alınsa ki, bu tətbiqat 24 aprel ərəfəsində də keçirilsin, bu, olduqca faydalı addım olar.
Nəhayət, bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Bu günlərdə  Türkiyənin xarici işlər naziri vaxtilə Qafqaz İslam Ordusu Azərbaycana gələndə Nuru Paşanın Gəncədə qaldığı evi ziyarət elədi. Mən təklif edərdim ki, o evin üstünə bir barelyef, bir xatirə lövhəsi vurulsun ki, ən azı Azərbaycan insanı da o ünvana gedəndə oraya bir gül-çiçək qoya bilsin, küçədən keçəndə ən azı xatırlasın ki, buraya Qafqaz İslam Ordusu xilaskar ordu kimi gəlib. Çünki bu da Azərbaycanda ruh yüksəkliyinin qaldırılmasına fayda verə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mən Sizin dediyiniz məsələlərin hamısı ilə razıyam. Amma belə çıxdı ki, biz  təbliğat materialları hazırlamırıq, bu işlə məşğul olmuruq. Milli Məclisin Xocalı soyqırımı haqqında hazırladığı broşür üç dəfə nəşr edilib, üç dəfə paylanıb. Mən hələ başqa təşkilatları demirəm. Hazırda bizim 20-yə yaxın millət vəkili bir çox ölkələrdə Xocalı soyqırımını anma mərasimlərində iştirak edir. Bu gün Milli Məclisin iclası qurtaran kimi 5 nəfər millət vəkilimiz də bu məqsədlə xaricə yola düşəcək. Bu istiqamətdə işlər gedir. Mən razıyam ki, bunu daha intensiv eləmək lazımdır. Mən bayaq sözümü dedim. Biz Xocalı soyqırımını tanıtmaqla sübut edərik ki, ermənilər, həqiqətən, məzlum xalq yox, çox dağıdıcı bir xalqdır. Bu bizim əlimizdə gözəl bir material olar. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də xalqı-mıza başsağlığı verirəm. Cənab spiker, Siz ilk preambula  çıxışınızda bir fikrə  toxundunuz. Xocalı soyqırımı ilə bağlı bir çox dövlətlərin adı çəkildi, deyildi ki, bir çox parlamen-tlərdə müzakirələr gedib, onlar Xocalı faciəsinə müna-sibətlərini bildirib, onu rəsmən soyqırımı kimi tanıyıblar.  
Mənə elə gəlir ki, təkrar olsa da, biz Milli Məclis adından  həmin parlamentlərə, hökumətlərə yenidən müraciət hazırlayıb, insanlığa qarşı törədilən bu ağır cinayətə düzgün qiymət verdikləri üçün onlara təşəkkürümüzü bildirməliyik. Eyni zamanda, onlara belə bir çağırışla müraciət etməliyik ki, Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT-nin dörd qətnaməsinin həyata keçirilməsi və işğalçıya qarşı hərbi və ya qeyri-hərbi sanksiyaların tətbiqi üçün təşəbbüslə çıxış eləsinlər. Bu çox əhəmiyyətli bir məsələ olar.
Mən də o fikirdəyəm ki, Xocalı faciəsini təkcə anmaqla, bu hadisələri təkcə anım günlərində xatırlatmaqla kifayət-lənmək olmaz. Mən burada təklif eləmişdim, bir daha təklif edirəm ki, mümkünsə, parlamentdə daimi bir Dağlıq Qara-bağ komitəsi yaradılsın. Bu komitənin tərkibinə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələr və əlavə adamlar daxil olmaqla mütəmadi olaraq müzakirələr aparılması çox vacibdir. Bu halda həm hakimiyyətdə olmayan, lakin əhalinin müəyyən təbəqələrini təmsil eləyən partiyaların təmsilçiləri tərəfindən yerlərdə  xalqın Qarabağla bağlı iradəsini özündə əks etdirən fikirləri o komitədə keçirilən din-ləmələrdə səsləndirmək, həm də gələcəkdə artıq forma-laşmış mükəmməl ortaq fikri burada müzakirəyə çıxarmaq mümkündür. Məncə, bunu eləmək üçün əsasımız vardır.
Burada artıq belə bir təklif səslənib ki, bizə Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağla bağlı apardığı işlər barədə məlumat verilsin, orada aparılan işlərlə bağlı ya qapalı, ya açıq dinləmələr olsun. Amma bunu partiyaların təmsilçiliyi ilə parlamentdə yaradılmış komitədə müzakirə eləmək daha məqsədəuyğun olar. Mən bu təklifin üzərində bir daha təkid edirəm. Hesab edirəm ki, biz bir çox başqa parlamentlərdə dinləmələr apardığımız halda Azərbaycan parlamentində Qarabağ dinləmələrini aparmamağımız doğru sayılmaz.
Cənab spiker, Siz Ukrayna ilə bağlı məsələyə toxun-dunuz. Mən də bu barədə fikrimi bildirmək istəyirəm. Ukraynada baş verən hadisələrdə  xalqın son olaraq qalib gəlməsinə baxmayaraq itkilər də oldu. Ən azından bu itkilərlə bağlı Ukrayna xalqına başsağlığı vermək və Ukray-nanın müstəqilliyini tanımağımız... Biz də dünya ictimaiy-yətinə bu məsələdə səsini qaldırması üçün bir çağırış edə  bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Fərəc müəllim, biz nə vaxt Ukraynanın müstəqilliyini tanımamışıq? İndi hələ nə olub ki? Dövlət seçkilər təyin edib, seçkilər olacaq. Bu məsələlər barədə hər sözdə bir az diqqətli olmağımız lazımdır. İndi hamı hər şeyi həssas qəbul eləyir. Ukrayna bizim strateji tərəfdaşımızdır. Onlar  hazırda yeni dövlət formalaşdırırlar. Nə müraciətlər edəcəyik? Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Xocalı soy-qırımı Azərbaycanın müstəqil dövlətçilik tarixinin ən qanlı və faciəli səhifələrindən biri sayılır. Bu gün həmin faciənin törədilməsindən artıq 22 il keçir. Azərbaycan xalqı heç bir zaman soyqırımı aktını, ermənilərin dinc sakinlərimizə qarşı törətdiyi qanlı qırğını unutmayacaq.
Azərbaycan dövləti hazırda soyqırımın dünyada hüquqi qiymətini tapması istiqamətində ciddi səylər göstərir. Deputatlarımız dünyanın bir çox ölkələrində təşkil olunan anım tədbirlərində fəal iştirak edirlər. Bu məsələdə Azərbaycan xalqının hər bir nümayəndəsi siyasi, dini baxışlarından asılı olmayaraq vahid mövqedən çıxış edir.
Heç kimə sirr deyil ki, Xocalı faciəsinin dünyada soy-qırımı kimi tanınması və həqiqətlərin beynəlxalq ictimaiy-yətə çatdırılmasında Heydər Əliyev Fondu və şəxsən bu fondun prezidenti millət vəkili, birinci xanım Mehriban Əliyevanın əvəzsiz və müstəsna xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış  əyani vəsaitlər bu gün dünyanın hər bir ölkəsində bu məqsədlə təşkil olunmuş tədbirlərdə geniş istifadə olunmaqdadır. Bu işdə Leyla Əliyevanın da böyük xidmətləri var. Artıq dünyanın hər yerində yaşayan azərbaycanlılar, xüsusilə də gənclər Leyla xanımın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasında fəal iştirak edirlər.
Bu gün erməni lobbisi qondarma “erməni soyqırımı”nın dünyada tanınması üçün geniş miqyaslı iş aparır. Erməni lobbisinin ortaya qoyduğu iddiaları  həqiqət kimi qəbul edənlər isə dövlətlərinin maraqlarını yox, şəxsi maraqlarını üstün tutanlardır.
Belə bir sual yaranır: soyqırımı nə deməkdir? Soyqırımı etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və ya sistematik şəkildə tamamilə və ya qismən məhv edilməsidir. Bu, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın üçüncü maddəsində milli, etnik, irqi və dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən aşağıdakı cinayətlər sadalanır – qrup üzvlərini öldürmək, qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq, qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək. Konvensiyanın preambulasında soyqırımı sivil dünya tərəfindən yalnız beynəlxalq hüquq üzrə BMT-nin mahiyyətinə və məqsədlərinə zidd cinayət hesab edilmir, həmçinin bütün tarixi dövrlərdə  bəşəriyyətin amansız böyük itkisi sayılır.
Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, “Soyqırımı cinayətinin  qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın beşinci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın altıncı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiy-yətli məhkəmələrdə mühakimə olunmayıblarsa, Beynəlxalq Məhkəmə tərəfindən mühakimə edilməlidirlər.
Lakin ermənilərin ortaya qoyduqları soyqırımı iddiaları-nın heç biri qeyd olunan bəndlərə uyğun gəlmir. Tarixi faktlar da göstərir ki, Osmanlı imperiyası zamanı ermənilərə qarşı soyqırımı törədilməyib, əksinə, türklərə qarşı vandalizm aktları həyata keçirilib. Ermənilər mülahizələr və saxtalaşdırılmış faktlar əsasında özlərinə haqq qazandırmağa çalışırlar. Xocalıdakı qanlı terrorun soyqırımı olması isə dəqiq faktlarla sübut olunur.  Bu səbəbdən dünya ictimaiyyəti bu məsələdə ikili standartları bir kənara qoyaraq ədalətin kimin tərəfində olduğunu açıq şəkildə göstərməlidir.
Ermənilər Xocalı soyqırımının onlar tərəfindən həyata keçirilmədiy kimi sərsəm iddialar qaldırırlar. Bu tamamilə boş və əsassız iddialardır. Xocalıda törədilən vəhşilikləri ermənilərin özləri də etiraf edirlər. Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlardan biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kita-bında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soy-qırımı haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına dürt-dü. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydu. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra...
Sədrlik edən. O kitablarda çox yazırlar. Amma axır sözü yazanlar daha güclü olacaqlar. Ona görə belə şeylərə çox fikir verməyin. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, möhtərəm Sədr. Mən, əlbəttə, belə bir faciəli gündə dərdlərimiz, kədərlərimiz barədə indiyədək deyilənləri təkrarlamaq niyyətində deyiləm. Çünki biz bu gün dərdlərimiz barədə bu tribunadan danışmaqdansa, onların beynəlxalq səviyyədə ictimailəşdirilməsinə cəhd göstərməliyik. Sizin qeyd etdiyiniz kimi, bunun üçün bizim fəallarımız, millət vəkilləri və adi vətəndaşlarımız ayrı-ayrı ölkələrdə çıxış edərək Azərbaycanın dərdlərini onlara kompleks şəkildə çatdırır, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı, Ermənistandan və işğal edilmiş ərazilərimizdən olan qaçqın və köçkünlərin problemləri və onlara Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verirlər. Əlbəttə, bu iş davam etdirilməli və hətta bir qədər də gücləndirilməlidir.
Cənab Sədr, fevralın 18–19-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında Sizin çıxışınız mənim yaxşı yadımdadır. Sizin o çıxışınızda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə fikirləriniz konfrans iştirakçılarına dərin təsir bağışladı. Bu fikirlər orada konfransın qəbul etdiyi sənədin 48–49-cu səhifələrində qeyd olundu. Mən onu oxuduqca qürur hissi duydum. Çünki bu bir daha sübut edirdi ki, bizim parlamentimizin sədri və parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın haqqını, hüququnu, doğrudan da, böyük canfəşanlıqla müdafiə etmək əzmindədirlər.
Artıq burada qeyd olunduğu kimi, bütün il boyu istər rəhbərlik, istərsə də adi vətəndaşlarımız tərəfindən Azər-baycanın haqqının müdafiə edilməsi istiqamətində həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində müxtəlif tədbirlər – beynəlxalq konfranslar, seminarlar, simpoziumlar keçirilir. Əlbəttə, bunların hamısı bu fikirlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün olduqca vacibdir. Bu tədbirlərin iştirakçıları etiraf edirlər ki, Azərbaycan həqiqətləri barədə onların indiyədək bilmədikləri məqamlar da olubmuş. İndi onlar həmin məqamları bilir və öz ölkələrində,  mətbuatlarında çıxış edərək bunlar barədə geniş ictimaiyyətə məlumat verirlər. Bu istiqamətdə böyük işlər gedir. Bununla belə, mən hesab edirəm ki, biz Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün səylərimizi bir qədər də artırmalıyıq.
Cənab Sədr, mən bir məsələni də qeyd etmək istəyirəm. Biz işğal olunmuş Azərbaycan əraziləri haqqında danışarkən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu qeyd edirik. Amma Qazax mahalından 7 kənd var ki, cənab Sədr, Siz məndən yaxşı bilirsiniz, işğal altındadır. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi 1994-cü ildə işğaldan azad olunsa da, ermənilər oranı viran qoyublar. Bu faktlar 7 xarici ölkədən gəlmiş nümayəndələrin iştirakı ilə keçirilən dünənki simpoziumda da  deyildi.  Mən hesab edirəm ki, haqq əvvəl-axır öz yerini tapacaq və Sizin də söylədiyiniz kimi, biz öz torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq. Bu bizim cəhdlərimizdən asılıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr,  hörmətli millət vəkilləri! Doğrudan da, biz tarixin elə bir dövrünün  şahidi olmuşuq ki, o dövr XX əsrin son onilliyində müstəqil Azərbaycanın yaşadığı ən ağrılı, acılı günlərdir. Xocalı soyqırımı günü o qətliamdan sağ çıxmış insanların xatirələrində yaşayan acıların, ağrıların gələcək nəsillərə ötürülməsi və dövlətin, millətin, xalqın ayaqda qalması üçün bizə bir əmanətdir. Xocalı soyqırımının təkcə Azərbaycan daxilində yox, həm də dünyada tanınması istiqamətində, hesab edirəm ki, çox ciddi çabalar göstərilməlidir və uzun illərdir ki, Azərbaycan bu istiqamətdə çalışır.
Əvvəlki illərdən fərqli olaraq indi xeyli dərəcədə dünya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə yeni yanaşma sərgiləməyə başlayıb. İnanıram ki, bundan sonra da çox ciddi şəkildə həm icra və qanunvericilik orqanları, həm də qeyri-hökumət təşkilatları, vətəndaşlarımız, hər bir azərbaycanlı bu istiqamətdə ciddi çaba göstərəcək və dünya XX əsrin sonlarına yaxın bizim yaşadığımız faciənin ağrı-acısını ciddi dərk edərək bu cinayəti törədənlərin ən azı qınaq obyektinə çevrilməsi və ədalət mühakiməsi qarşısında dayanmasına şərait yaradacaq. Mən buna çox inanıram. İnamımın əsas səbəbi xalq, dövlət, millət olaraq bu mövzuda heç birimizin fikir ayrılığına malik olmamağımız, hamımızın  bu mövqeni israrla, birmənalı şəkildə ortaya qoymağımızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin və imkan yaratsın ki, biz faciələrimizi tanıtmaqla yanaşı bir gün doğma Qarabağımıza, torpaqlarımıza da qayıda bilək.
Bir başqa məsələ ilə də bağlı mövqeyimi ifadə etmək istəyirəm. 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin böyük əksəriyyətinin səs verdiyi, sonra referenduma çıxardığı, – baxmayaraq ki, mən həmin dövrdə antireferendum qrupundaydım, – Konstitusiyanın “Şəxsi toxunulmazlıq hüququ” adlı 32-ci maddəsinin üçüncü bəndinə bir dəyişiklik edildi. Həmin maddənin üçüncü bəndində indi belə bir cümlə var: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
Təəssüf edirəm ki, bunu referendumla qəbul edib Konstitusiya normasına, maddəsinə çevirməyimizə bax-mayaraq, bu günlərdə mətbuatda deputat həmkarımız Cey-hun Osmanlının bir jurnalistin səsini yazması və öz tele-fonunu Prokurorluğa təqdim etməsi barədə məlumat getdi. Bu, Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına ciddi şəkildə həqarətdir, o da ola Milli Məclis üzvü, deputat tərəfindən. Nəinki hüquq normaları, bunun həm də mənəvi tərəfləri ilə  razılaşmaq mümkün deyil və bu çox eybəcər bir tendensiyadır. Hesab edirəm ki,  millət vəkili ya buna təkzib verməli, ya da belə bir şey edibsə, Azərbaycan Konstitusiyasını pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli İqbal müəllim, birincisi, Siz millət vəkilisiniz, hakim deyilsiniz. İkincisi, Sizin əlinizdə sübut varmı ki, bu adam kiməsə telefon verib?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Mən də eyni şeyi deyirəm. Sübuta ehtiyacı olan məsələləri Milli Məclis müstəvisinə gətirmək bir az bizim səviyyəmizə uyğun deyil. Bunu təzədən burada niyə təkrarlayıb artıq söhbətlər yaratmaq istəyirik? Biz indi nədən danışırıq? Ümumi dərdimiz olan Xocalıdan danışırıq. Hərə özünə bir xal qazanmaq üçün hansısa bir simə əl atır. Olmaz belə. Rəbiyyət Aslanova. Mən üzr istəyirəm, hörmətli millət vəkilləri, 1 saat vaxt artırmağa ehtiyac yoxdur ki? Eyni sözlər, fikirlər təkrarlanır. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün beynəlxalq münasibətləri tənzimləmək, xalqlar, millət-lər, dövlətlər arasında sivil münasibətlər yaratmaq iddiasında olan beynəlxalq hüquq və onun beynəlxalq öhdəçilik, beynəlxalq məsuliyyət, insan hüquqları kimi vacib komponentlərinin ciddi böhran içərisində olduğunu görməkdəyik.
Bu gün burada hörmətli həmkarlarımız tərəfindən beynəlxalq təşkilatların ünvanına deyilən tənqidi sözlər bir daha onu sübut edir ki,  beynəlxalq hüquq hazırda dünya nizamına təsir etmək imkanında deyil və məhz bunun nəticəsidir ki, dünyada baş verən münaqişələr, müharibələr, soyqırımlar hələ də davam etməkdədir. Belə olmasaydı, 20 ildən artıq davam edən Dağlıq Qarabağ problemi öz həllini tapardı. Belə olmasaydı, Xocalı soyqırımı və digər soyqırımlar dünyada öz hüquqi qiymətini alardı. Belə olmasaydı, Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslər Avropa Şurası Parlament Assambleyasının tribu-nasından Xocalı soyqırımında iştirak etdiklərini etiraf etməzdilər. Belə olmasaydıların sırasını çox uzatmaq olar. Ancaq təəssüf ki, bu gün beynəlxalq birlik, beynəlxalq hüquq məhz bu məsələlərdə bir acizlik nümayiş etdirir.
Hörmətli həmkarlarım, 1948-ci il dekabr ayının 9-da dünya birliyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya imza atdı. Konvensiyanın qəbul edildiyi gündən 65 il keçib. Bu 65 il ərzində soyqırımı cinayətlərinin azalmasına ümid edən bəşəriyyət, təəssüf ki, bunu görə bilmədi. İndoneziya, Banqladeş, Komboca, İraq, Ruanda, Bosniya və Serbiyada baş verən soyqırımları bir daha onu göstərir ki, dünyada soyqırımı qurbanlarının sayı artmaqda davam edir. Bu gün biz əgər, ümumiyyətlə, soyqırımının bəşəriyyətə qarşı çevrilmiş bir cinayət olduğunu söyləyiriksə, o zaman təkcə Xocalı soyqırımının qurbanlarını deyil, adını çəkdiyim dövlətlərdə baş vermiş soyqırımı qurbanlarının da xatirəsini yad edib, bu qəbildən olan cinayətlərin qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi etməliyik.
Xocalılar yalnız fiziki soyqırımınamı məruz qaldılar? Xeyr, bu insanlar həm də bir bioloji soyqırıma məruz qaldılar və onların gələcək nəsillərinin məhv edilməsi kimi bir proses getdi. Təkcə Xocalıda əgər 613 insan qətl edil-mişdisə, ondan iki ay sonra Laçında bundan da ciddi qət-liamlar törədildi. 9-11 yaşında qızların başlarının kəsilməsi, hamilə qadınların dar ağacından asılması həmin soyqırımı xəttinin davam etdirilməsi idi.
Bundan başqa, biz sosial-iqtisadi soyqırımına məruz qaldığımızı da qeyd etməliyik. Əsir tutulan 1275 nəfər insana elə bir şərait yaradıldı ki, onlar qısa müddətdə tələf olub dünyanı tərk etdilər.
Bizə qarşı milli-mədəni soyqırımı da törədilmiş, Dağlıq Qarabağda  və onun ətrafında işğal olunmuş rayonlarımızda milli mədəniyyət abidələrimiz dağıdılmışdır.
Azərbaycana qarşı ekoloji soyqırımı təkcə o zaman deyil, bu günə qədər davam edən bir soyqırımıdır. Çünki bu gün də Azərbaycanın işğal altında olan əraziləri yandırılır, məhv edilir və ekoloji soyqırımına məruz qalır. Bunlar olduqca ciddi məsələlərdir və dünya birliyinin diqqətinin bu məsələlərə yönəldilməsi sahəsində çox böyük işlər görülüb.
Xocalı soyqırımının ağrısını, acısını hər birimiz yaşayırıq. Ancaq bunun ən böyük ağrısını yaşayan insan ulu öndərimiz Heydər Əliyev  idi. Təsadüfi deyil ki, 1994-cü ildə BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış edən ulu öndər beynəlxalq birliyə və burada təmsil olunan siyasi liderlərə müraciət edərək deyirdi ki, mənim xalqımın səsi sizin qəlbinizə yol tapmalıdır. Siz Azərbaycan xalqının faciəsini eşitməlisiniz. Əks təqdirdə bunlar davam edən cinayətlərə çevriləcək.
1997-ci ildə azərbaycanlıların deportasiyası haqqında, 1998-ci ildə azərbaycanlıların soyqırımı haqqında sənədlərin qəbul edilməsi bu cinayətlərə ilk dəfə olaraq verilən hüquqi qiymət idi. Yəni bu sahədə çox iş görülür. Ancaq bir şeyi demək lazımdır ki, ədalətin özünütəsdiqi çox çətin bir prosesdir və bu prosesin onilliklər ərzində davam etməsini mən heç də minor notla qeyd etmək istəməzdim.
Artıq beynəlxalq təşkilatlarda təmsil olunan hər birimiz görürük ki, dünyanın Azərbaycana münasibəti dəyişir. Əgər bu gün dünyanın 40 ölkəsi...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımızın dediyi fikirlərə qoşuluram. Təbii ki, Xocalıdakı cinayətin törədilməsinə bilavasitə məsuliyyət daşıyan Ermənistan dövləti və bu gün Ermənistan rəhbərliyində təmsil olunan insanlardır. Bu qətliamda onlar bilavasitə iştirak ediblər. Onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, gələcəkdə belə hadisələr təkrar olunmasın.
Xocalıda baş verən hadisələrin iki əsas motivi var – biri Azərbaycan soyuna, türk soyuna qarşı ermənilərin illər boyu bəslədiyi nifrət və kin, ikincisi də azərbaycanlıların gözünü qorxutmaqla Azərbaycanın digər ərazilərini işğal etmək arzusu. Lakin xalqımız hələ öz sözünü deməyib.  Azərbaycan xalqı Xocalıda, Laçında və işğal olunmuş digər ərazilərdə  törədilmiş qətliamların heç birini yaddan çıxar-mayacaq, bunun əvəzini əvvəl-axır çıxacaq və tarix də buna şahid olacaqdır.
Mən bir məsələyə toxunmaq istəyirəm. Bu gün Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Milli Məclisi, ayrı-ayrı qeyri-hökumət təşkilatları, bəzi siyasi partiyalar Xocalı soyqırımının tanınması üçün xaricdə ardıcıl iş aparır və müəyyən uğurlara da nail olurlar. Təsəvvür edin ki, ermənilər bütün lobbilərini səfərbər edərək öz soyqırımlarını müxtəlif yerlərdə tanıtmaq üçün 100 ildən artıqdır, hərtərəfli fəaliyyət göstərirlər. Azərbaycan isə bu soyqırımı hadisəsinin tanınması ilə əlaqədar qısa müddət ərzində kifayət qədər iş aparıb və bu proses davam etməkdədir.
İndi burada fikir səsləndi ki, bu iş daha da sürətlən-dirilməlidir. Əlbəttə ki, sürətləndirilməlidir. Amma tarixə nəzər salanda görürük ki,  Xocalı soyqırımı törədilən ərəfədə rəhbərlikdə olanlar və ondan sonra rəhbərliyə gələnlər Xocalı ilə bağlı heç bir iş görməyib, heç bir sənəd qəbul etməyiblər. 1994-cü ildə ümummilli liderimizin təşəbbüsü ilə Xocalı soyqırımı Milli Məclisdə müzakirə olunub, qərar qəbul edilib və bu qərar bütün ölkələrin parlamentlərinə göndərilib. Bu işlər də yalnız bundan sonra  başlanıbdır və qeyd etdiyim kimi, davam olunmaqdadır.
Təbii ki, Xocalı soyqırımına görə Ermənistan dövləti və bu cinayəti törədən şəxslər cavab verməlidirlər. Lakin Azərbaycan vətəndaşını təhlükədə qoyan və dövlət vəzifəsi daşıya-daşıya o insanların təhlükəsizliyini təmin etməyən şəxslərin də, həmin vaxt qarışıqlıq yaratmaq istəyən siyasi partiyaların da burada məsuliyyəti var. Onlar da bu məs-uliyyətdən kənara çəkilə bilməzlər. Onlar da bu məsuliyyəti daşımalıdırlar. Axı bilinirdi ki, ermənilər Xocalıda soyqırımı həyata keçirəcəklər. Bunu bilə-bilə sakit durmağın və  bunun qarşısını almaq üçün heç bir təşəbbüs göstərməməyin də özündə bir məsuliyyətsizlik var və bu məsələ də, mən hesab edirəm ki, ortada olmalıdır.
Cənab Sədr, neçə gündür, Xocalı ilə bağlı hər yerdə, bütün qəzet səhifələrində, İnternet saytlarında dünya ölkə-lərinə müraciət olunur, tədbirlər keçirilir. Lakin nədənsə bizim özünü radikal müxalifət adlandıran siyasi partiyalar və onların himayəsində olan qeyri-hökumət təşkilatları bu hadisə ilə bağlı bir tədbir keçirməyiblər. Əksinə, bu gün öz qəzetlərinin səhifələrində ayrı-ayrı xarici vətəndaşların Azərbaycan iqtidarı haqqında dediyi fikirləri dərc etməklə məşğuldurlar. Məgər Xocalı soyqırımının anılması, onun dünya miqyasında tanıdılması yalnız iqtidarın və iqtidarı təmsil edən insanların işidir? Bu bütün Azərbaycan xalqının işidir və bu məsələdə biz birgə də mübarizə aparmalıyıq. Mənə elə gəlir ki, xalqın taleyüklü məsələsində kimliyindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq hamı eyni nöqtəyə vurmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Təklifi buyur. Fəzail Ağamalıya mikrofon verin.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən deyilən fikirlərlə tamamilə şərikəm və hər zaman dediyim fikrə bir daha qayıdıram ki, istər Azər-baycan torpaqlarının işğaldan azad edilməsi, istərsə də Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan xal-qının iradəsindən keçir.
Şükürlər olsun ki, bu gün Azərbaycan Prezident Azər-baycan xalqının iradəsinə söykənərək bu istiqamətdə çox ardıcıl, sistemli işin aparılmasını təşkil edir. Burada deyildiyi kimi, təkcə 2012-ci ildən keçən zaman kəsiyində Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı, dünyanın 7-dən yuxarı parlamenti, beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Xocalı faciəsini soyqırımı kimi tanıyıbdır və bu proses bundan sonra da davam edəcəkdir. Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da, Milli Məclis deputatlarının da, qeyri-hökumət təşkilatlarının, gənclərimizin də böyük əməyi var. 
Bununla bərabər, biz artıq beynəlxalq tribunalın yaradılması üçün cəhdlərə başlamalıyıq. Xocalı soyqırımının törə-dilməsinin ideoloqları, təşkilatçıları olan Sarkisyanla, Kö-çəryanla, Balayanla, Qukasyanla bərabər ona Azərbaycanda şərait yaradanlar da həmin tribunalda cavab verməlidirlər. Mən bunu təklif edirəm.
Mənim ikinci təklifim dünya ombudsmanlarının Azərbaycanda konfransını keçirməkdir. Bu konfransda ancaq Xocalı soyqırımı məsələsi müzakirə olunmalıdır. Bu təklif dünən Bahar xanımın təşkil etdiyi dəyirmi masada ifadə olundu. Mən həmin təklifin müəllifinin hüquqlarını tapdalamadan burada onu bir daha səsləndirirəm.
Mənə belə gəlir ki, bu gün də ənənəyə sadiq qalaraq Milli Məclisin adından beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə Xocalı faciəsi ilə bağlı müraciət qəbul edilsə, yaxşı olar. 
Düşünürəm ki, biz Aleksandr Sergeyeviç Puşkinin ermə-nilər haqqında dediyi “sən köləsən, sən alçaqsan, sən əclaf-san,  sən ermənisən” ifadəsinin doğruluğunu dünya miqya-sında sübut  etməyə nail olmalıyıq. Elə etməliyik ki, dünya, doğrudan da, Puşkin və Düma kimi iki nəhəng şəxsiyyətin ermənilər haqqında demiş olduqlarını özünün tarixi sənədlərində ifadə etsin.
Sözümün sonunda İqbal Ağazadəyə cavab vermək istərdim.  Bizim həmkarımız Ceyhun Osmanlı həmin jurna-listin şəxsi həyatına müdaxilə etməyib, onun evində video-çəkiliş, audioyazı aparmayıb, onun sevgi macəralarını lentə almayıb. Sadəcə olaraq, Azərbaycan dövləti üçün son dərəcə əhəmiyyətli olan bir danışığın təsadüfən şahidi olub və vətəndaş mövqeyini ortalığa qoyub. Düşünürəm ki, Ceyhun düz edib. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməli idi. Təşəkkür edirəm.
Sədrlik edən. Ay Fəzail müəllim,  mən birinə dedim, indi ikincisinə də deyirəm. Bu məsələlər Milli Məclisdə səslən-dirilməməlidir. Siz qəzetdə bir-birinizlə debat aparmısınız. İndi onu Xocalı günündə təzədən Milli Məclis müstəvisinə çıxarırsınız.
Sizin verdiyiniz birinci təklif Xocalı soyqırımı ilə bağlı məsələnin Haaqa Məhkəməsinə verilməsi barədə idi. O məhkəməyə sənədləri çatdırmaq üçün biz öz işlərimizi davam etdirməliyik. İndi Amerikanın 20 ştatı Xocalı soyqırımı haqqında müvafiq sənəd qəbul edib. Ölkələr bunu yavaş-yavaş qəbul edir.  Bu sayt elə olmalıdır ki, bunu biz orada ortaya çıxara bilək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mübariz müəllim, 1 dəqiqə istəyirsiniz. Fəzail müəllim 1 dəqiqə dedi, amma 15 dəqiqə danışdı. Bu-yurun, 1 dəqiqə verirəm. Mübariz Qurbanlıya mikrofon verin.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Çox səmərəli müzakirə gedir. Mən konkret bir təklif vermək istəyirəm. Bəllidir ki, Xocalı soyqırımı 1918-ci ildə, ondan əvvəlki illərdə törədilmiş soyqırımların davamıdır. Mən hesab edirəm ki, “Vətən harayı” abidəsini biz Şəhidlər Xiyabanına köçürməliyik və həmin abidəni orada yerləşdirməklə bütövlükdə bu soyqırımı hadisələrini rəsmi protokolla dünyaya çatdırmaq üçün əlverişli şərait yaratmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siz, yəqin, Heydər Əliyev Mərkəzində olmusunuz. Orada Sizin dediklərinizin hətta maketi də hazırdır. Çox böyük bir kompleks olacaq, yəni bu istiqamətdə işlər gedir. Mən hesab edirəm ki, Xocalı soyqırımını qədərincə müzakirə etdik. İndi gündəlikdəki məsələlərin müzakirəsinə keçək. 
Gündəliyin birinci məsələsi. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr.  Hörmətli Milli Məclisin deputatlar, xanımlar və cənablar! Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli, 1/50 saylı məktubu ilə 2012-ci il  dekabrın 12-də Moskva şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokol və müvafiq qanun layihəsi Milli Məclisə təqdim edilmişdir. Hörmətli deputatlarımızın yadındadır ki, bir neçə ay bundan əvvəl biz adı çəkilən çərçivə konvensiyasının başqa bir protokolunu – 2011-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində imza-lanmış “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolu müzakirə edib təsdiq etmişdik. Xatırladım ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Konvensiya 2003-cü il 4 noyabr tarixində Tehranda imzalanıb və 2006-cı ildən qüvvəyə minib.
Siz hündürdən danışdıqca mən də hündürdən danışa-cağam, sonra da kiminsə qulağına ziyan dəyəcək.
2008-ci ilin 12 noyabr tarixində Xəzəryanı dövlətlər tərəfindən qəbul edilmiş Xəzər Dənizi üzrə Konvensiyanın Strateji Fəaliyyət Proqramının müvafiq müddəalarından irəli gələn xüsusi fəaliyyət növlərinə, çirkləndirici maddələr və mənbələr, qabaqlayıcı tədbirlər, əməkdaşlıq, məsuliyyət və sair məsələlərə aydınlıq və dəqiqlik gətirmək məqsədi daşıyır.
Bildiyiniz kimi, Azərbaycan Respublikası 1997-ci ildən başlayaraq dənizin çirklənməsi ilə əlaqədar çoxsaylı bey-nəlxalq konvensiyalara və başqa əhəmiyyətli sənədlərə qo-şulmuşdur. Bəzilərini sizə xatırlatmaq istəyirəm. Dənizin tullantılar və başqa materiallarla çirkləndirilməsinin qarşı-sının alınması haqqında” Beynəlxalq Konvensiya 1972-ci ildə qəbul edilib. Azərbaycan Respublikası 1997-ci ildə o konvensiyaya qoşulubdur.
1972-ci ildə qəbul edilmiş və Azərbaycanın 1997-ci ildə qoşulduğu “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya; 1990-cı ildə qəbul edilmiş və Azərbaycanın 2004-cü ildə qoşulduğu “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” Konvensiya; 1969-cu ildə qəbul edilmiş və Azərbaycanın 2004-cü ildə qoşulduğu “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” Konvensiya və başqaları.
Təbii ki, beynəlxalq konvensiyalar, sazişlər, protokollar və başqa hüquqi sənədlər Xəzər dənizinə də aiddir. Ancaq nəzərə alsaq ki, Xəzər dənizi nə qədər böyük olsa da, qapalı bir su hövzəsidir və bu səbəbdən də okeanların bir hissəsi olan açıq dəniz və ya başqa cür adlandırılan su höv-zələrindən fərqli olaraq Xəzər dənizinin  ekoloji, hidroloji göstəriciləri təbii və qeyri-təbii təsirlərə daha həssasdır. Təbii ki, Xəzəryanı dövlətlər bu xüsusiyyətləri nəzərə alan, əks etdirən xüsusi hüquqi rejimin yaradılmasına, o cümlədən dənizin çirklənmədən mühafizəsi məsələlərinə böyük önəm verirlər.
Qapalı su hövzələrinin cürbəcür təsirlərə nə qədər həssas olduqlarını Aral dənizinin  misalında görmək olar. Hələ 1960-cı illərdə Aral dənizi 70 min kvadrat kilometr ərazini əhatə edirdi. Bu gün faktiki olaraq dəniz yoxdur. Bir-biri ilə əlaqəsi olmayan bir neçə gölməçə qalıbdır. Vaxtı ilə regionun iqtisadiyyatında önəmli yer alan balıqçılıq, gəmiçilik və başqa sahələr faktiki olaraq yox olub. Ətraf ərazilərin iqlimində kəskin şəkildə dəyişikliklər baş veribdir. Yay aylarında havanın hərarəti daha yüksək,  qış aylarında daha soyuq olur. Müvafiq nəticələri təsəvvür edə bilərsiniz.
Beləliklə, adı çəkilən çərçivə konvensiyasının və bu gün müzakirənizə təqdim edilən protokolun məqsədi qapalı su hövzəsi olan və bu səbəbdən hər hansı təbii və qeyri-təbii təsirlərə daha həssas olan Xəzər dənizinin ekoloji mühitinin sağlamlığını qoruyub saxlamaqdan ibarətdir.  Protokolun da qəbul edilməsində məqsəd xüsusi olaraq dəniz mühitini quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən qorumaq, çirklənmə mənbələrinə və nəticələrinə nəzarət etmək, onları azaltmaq və mümkün olsa, tam aradan qaldırmaq və bunlarla əlaqədar müvafiq qərarların verilməsini, tədbirlərin keçirilməsini, məsuliyyətin müəyyənləşdirilməsini, müvafiq standartların və tələblərin müəyyən edilməsini və başqa əlaqəli məsələlərin həll edilməsini təmin etməkdir.
Təbii ki, konvensiya və protokolun tərəfləri olan ölkələr və onların müvafiq qurumları müəyyən öhdəliklər və öhdəliklərin yerinə yetirilməsinə görə müəyyən məsuliy-yətlər də götürmüş olurlar. Bu öhdəliklərdən bəzilərini diqqətinizə çatdırmaq istəyirəm.
Quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitinin və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, çirklənmə mənbələrinə və çirklənməyə səbəb ola bilən fəaliyyətə nəzarət etmək, çirklənməni azaltmaq və çirklənmə baş veribsə, onu aradan qaldırmaq, qabaqlayıcı ehtiyat tədbirləri görmək, beynəlxalq qanunvericilikdə və təcrübədə ciddi şəkildə tətbiq edilən “çirkləndirən ödəyir” prinsipini tətbiq etmək, – yəni çirklənmənin qarşısının alınması, nəzarət edilməsi, azaldılması, qabaqlayıcı  tədbirlərin görülməsi, çirklənmə baş veribsə, bunun aradan qaldırılması və çirklənmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı xərcləri çirkləndirən şəxs ödəməlidir, – hər hansı bir fəaliyyət növünə, hər hansı bir layihənin həyata keçirilməsində insan sağlamlığı aspektləri daxil olmaqla ekoloji amillərin hərtərəfli nəzərə alınmasını təmin etmək və sair.  Təbii ki, bu önəmli öhdəliklər sırasında Xəzər dənizinin dəyərli sərvətlərindən olan nərə balıqları, Xəzər qızılbalığı və digər qiymətli balıq növlərinin təbii kürüləmə yerlərinin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlərinin keçirilməsi də var.
Bu protokoldan irəli gələn öhdəliklərin, razılaşmaların, tədbirlərin həyata keçirilməsini əlaqələndirmək məqsədi ilə hər bir tərəf milli səlahiyyətli orqan təyin edir. Protokolun tətbiqi həm də razılaşdırılmış standartların, meyarların hazırlanmasını və qəbul edilməsini tələb edəcək. Bu standartların, meyarların hazırlanmasına, qəbul edilməsinə protokolda xüsusi yer və önəm verilir. Eyni zamanda, çirklənmə mənbələrinin müəyyən edilməsi, çirklənmə ilə əlaqədar tədbirlərin və proqramların xüsusi əhəmiyyəti burada göstərilibdir. Təbii ki, protokolda ətraf mühitə təsirin qiymətləndirilməsi, o cümlədən transsərhəd təsirlər daxil olmaqla məlumat və göstəricilərin toplanması, mübadiləsi, monitorinqi və qiymətləndirilməsi, ictimaiyyətin iştirakı, tərəflərin əməkdaşlığı, bir-birinə dəstək və yardım göstərməsi məsələləri də öz yerini tapıbdır.
Protokolda öz əksini tapmış başqa müddəaları sadalama-ğa, yəqin ki, ehtiyac yoxdur. Çünki bunlar öncə qəbul etdi-yimiz konvensiyalardan, fəaliyyət proqramlarından irəli gələn müddəalardır. Ən önəmlilərini diqqətinizə çatdırdım. Ancaq qısa da olsa, bu protokola əlavələr haqqında bir neçə kəlmə demək lazımdır.
“Əlavə I” nəzarət edilən fəaliyyətlər və maddə kateqori-yalarını, onların xüsusiyyətlərin müəyyənləşdirən bir sə-nəddir.
“Əlavə II” kənd təsərrüfatındakı səpələnmiş çirklənmə mənbələrinin müəyyən edilməsinə, bunların qarşısının alın-masına, onlara nəzarət edilməsinə və azaltmaq üçün planlara həsr edilibdir.
“Əlavə III” atmosfer vasitəsi ilə ötürülən çirklənmə mə-sələlərinə həsr edilib.
“Əlavə IV” müzakirənizə təqdim edilmiş protokolun 7-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq protokolun I əlavəsində sadalanan, tərkibində nəzarət edilən tullantılara icazənin verilməsi məsələlərinə baxılarkən qiymətləndiril-məsi və hesaba alınması tələb olunan amillərə həsr edilmiş-dir. 
“Əlavə V” mövcud olan qabaqcıl üsullara və qabaqcıl ekoloji təcrübəyə dair rəhbər prinsiplərə həsr edilib. Təbii ki, bu əlavələr protokolun tərkib hissəsi olaraq qüvvədə olur. Deputat həmkarlarımı müvafiq qanun layihəsinə dəstək verməyə çağırıram. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Son dərəcə vacib qanun layihəsi təqdim olunub. Düşünürəm ki, bu, hökmən parlamentdə ratifikasiya olunmalıdır və mən şəxsən buna böyük məmnuniyyətlə səs verəcəyəm. Ancaq bu gün həyəcan doğuran bir neçə məqam var. Bunu fürsətdən istifadə edib önə çəkmək, dilə gətirmək istəyirəm.  Xəzər dənizi onun ətrafında yaşayan bütün xalqların və insanların ən böyük nemətidir. Bu dəniz uğrunda əsrlər boyu böyük savaş gedib və Allaha min şükürlər olsun ki, Azərbaycan bu gün Xəzər dənizinin müəyyən hissəsinə sahibdir.
Xəzər dənizi təkcə özünün ətrafına yüksək səviyyəli ekoloji mühit təqdim etməklə kifayətlənmir, bu gün Azər-baycanın dünya miqyasında tanınmasında, Azərbaycan dövlətinin iqtisadi cəhətdən möhkəmlənməsində, Azərbay-canın Avropaya inteqrasiyasında çox müstəsna bir rol oynayır. Söhbət Azərbaycanın Xəzər dənizindən çıxarmış olduğu karbohidrogen ehtiyatlarının Avropaya və dünyaya nəqlindən gedir.
Biz bu dənizi, əlbəttə, göz bəbəyi kimi qorumalı, onun təmizliyinə son dərəcə ciddi əhəmiyyət verməliyik. Lakin gəlin, görək belədirmi. Nabrandan başlamış Lənkərana qədər Xəzər dənizinin sahilində tikilmiş bütün obyektlərin – istər istirahət, istərsə də iaşə obyektlərinin suları təmiz-lənmədən Xəzər dənizinə axıdılır. Yəqin ki, Nabranda olmusunuz. Böyük biabırçılıqdır. Nabranda Xəzər dənizinin sahilinə üfunətdən yaxınlaşmaq belə mümkün deyil. 
Hörmətli sədarət, hörmətli Milli Məclisin rəhbərliyi! Xahiş edirəm, özünüzün səlahiyyətləriniz çərçivəsində sor-ğular verin, görün, Xəzər dənizinin sahilində yerləşən, həm də göbələk kimi artan o obyektlərin çirkab suları təmizlənib Xəzərə axıdılır, yoxsa olduğu kimi? Olduğu kimi axıdılır. Belə olan halda, hörmətli Valeh müəllim, biz bu protokolu qəbul etsək də, onun heç bir əhəmiyyəti yoxdur. Əgər bu protokolun  fəlsəfəsinə,  mahiyyətinə uyğun addımlar atılmasa, bu sənəd kağız üzərində qalacaq və Allahın bizə vermiş olduğu nemət gələcəkdə Azərbaycana daha böyük fəlakətlər verəcəkdir.
Yəqin ki, dənizkənarı parkda olmusunuz. Oradan gəmilərdə Xəzər dənizinə gəzinti təşkil olunur. Orada hər şey var. Hətta Xəzər dənizinin çox gözəl, abad şəkildə salınmış dənizkənarı park  hissəsi də eyni vəziyyətdədir. Əgər orada qağayılar durmadan uçuşursa, az qala bir-birini nəyinsə üstündə həlak etməyə çalışırsa, deməli, o dəniz kirlidir, deməli, ona hər şey axıdılır.
Mən, əlbəttə, belə vacib bir sənədin qəbul edilməsinin  tərəfdarıyam və bunu alqışlayıram. Eyni zamanda, hörmətli Milli Məclisin rəhbərliyindən xahiş edirəm, lütfən öz imkanlarınızdan, səlahiyyətlərinizdən istifadə edin və bu çirklənmənin qarşısını almaq üçün konkret addımlar atın. Çünki bizim – millət vəkillərinin dedikləri sözlərə,  fikirlərə əhəmiyyət verən yoxdur. Bir neçə dəfə bu məsələ burada qaldırılıbdır. Əgər bunlar nəzərə alınarsa, düşünürəm ki, bu protokol özünün hüquqi qüvvəsini hər zaman saxlaya bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Milli Məclis üzvlərini salamlayıram. Mən də bu sənədin qəbul olunmasını vacib hesab edirəm və təbii ki, səs verəcəyik. Məndən əvvəl həmkarım Azərbay-canın Xəzər sahilindəki torpaqlarının vəziyyətinə toxundu. Bu barədə əvvəllər də danışılıb. Söhbət ondan gedir ki, biz bir dəstə adamın Xəzər sahillərini işğal etməsinə şərait yaratmışıq. Nabrandan Astara sərhədinə qədər bu sahələr işğal olunub. Kimlər tərəfindən, bilmirəm.
Görürsən ki, 200–300 metr, bəzən bir kilometr uzunluğunda hasar çəkilib. Dəniz sahili ilə  yol gedirsən, amma az qala Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu, imkanı çox ola, vəzifəsi yüksək ola bilər. Bu o demək deyil ki, onlar bu imkandan istifadə edib millətə aid olan dənizi zəbt eləməlidirlər. Bir hasar da çəkir ki, orada nə  tikdiyini, nə iş gördüyünü heç kim görməsin. Əgər iştahaları belə itidirsə, Qobustan təpələri boşdur. Hər varlı, imkanlı adama bir dağ bağışlayaq, gedib orada terraslar salsınlar, yaşıllaşdırsınlar, nə istəyirlərsə, tiksinlər. Amma dənizin içinə girməsinlər. 
Bu dəniz millətin olmalıdır. Dənizin qırağında bir-iki yüksəklik, mayak vardı. Tarixi bir abidədir. Mayakın 4 tərəfini oyublar, qumunu aparıblar. Mayak ortada qalıb. Onu da bir azdan uçuracaqlar. Tarixi abidə səviyyəsində mağaralar var. Onlar da kiminsə hasarının içindədir. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Ona görə də biz dənizi, onun təmizliyini, ekologiyasını qorumalıyıq. Vaxtı ilə bizim bununla bağlı qanunumuz var idi. Dənizdən ancaq 125 metr, ya 150 metr kənarda ev tikmək olardı. Sonra müəyyən adamların təsiri və təzyiqi ilə bunu 50 metrə endirdik. İndi 50 metr də deyil, dənizin içinə girirlər. Hətta torpaq töküb  özlərinin gəmilərinin yan alması üçün yerlər, limanlar düzəldirlər. Mən hesab edirəm ki, bu, millətə hör-mətsizlikdir.
Azərbaycanın Xəzər kimi bir dənizi var, amma biz ondan nə turizm,  nə özümüz, nə də gəmiçilik üçün istifadə edirik. Buradan Nabrana, Lənkərana,  Astaraya gəmilərimiz gedə bilər. Vaxtı ilə hətta Kürdə də gəmiçilik olub. Niyə milləti bundan məhrum eləməliyik? Bir dəstə adam dənizi qamarlasın, amma millətin üzünə dəniz bağlı olsun. Ona görə də mən hesab edirəm ki, bu qanunu qəbul eləməklə yanaşı, Xəzər sahili ilə bağlı ayrı bir qanun da qəbul eləməliyik ki, bu dəniz kimlərə məxsusdur. Əgər bir dəstə adamındırsa, verək onlara,  sərhəd çəkək, dənizə yaxın düşməyək. Deyək ki, bu da ikinci bir Qarabağdır, bir dəstə zəngin adama verdik. Belə şey olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Valeh müəllimə minnətdaram, çox ətraflı, səlis bir təqdimat elədi. Həqiqətən də, bu cür beynəlxalq konvensiyalar ölkə-lərin üzərinə mühüm tələblər qoyur və onu yerinə yetir-məmək müxtəlif cəza növləri, sanksiyalar yaradır. Düşü-nürəm ki, nəhayət, hamımız, ən azı Bakıda yaşayanlar dərk eləməliyik ki, Xəzər nə qədər təmiz olacaqsa, özümüz də o qədər təmizlənəcəyik. Onun ekologiyası nə qədər təmiz olacaqsa, o qədər uzunömürlü olacağıq və sair.
Düşünürəm ki, dövlət də ötən illər ərzində mühüm işlər həyata keçirib. Sovet dövründə vəhşicəsinə istismar olunan o buruqlar sanki yerin bədəninə, dənizə sancılmış, onların qanını soran  alətlər kimi olublar. Son 10 il ərzində bəzi yerlərdə, xüsusilə də Bayıl ərazisində bunların tamamilə abad bir şəklə salındığı görünməkdədir. Etiraf eləmək lazımdır ki, bizə sovetlər dövründən miras qalan ən ağır problemlərdən biri budur.
Biz Qarabağda ermənilərin radioaktiv maddələrin tullantılarını, başlıqlarını basdırdıqlarını qeyd eləyir, o əraziləri çirkləndirdiklərini söyləyirik. Qarabağ alınandan sonra onun bizim üçün radiasiya baxımından ciddi problemlərə səbəb olacağını vurğulayırıq. Amma özümüz də Xəzəri bu cür çirkləndirməklə heç də dırnaqarası az zəhmət çəkmirik.
Burada hörmətli Sabir müəllim çox mühüm məsələlərə toxundu. Onlardan birini xüsusi olaraq qabartmaq istəyirəm. Xəzər dənizinin ətrafı ilə bağlı xüsusi bir qanunun olması çox yerində olardı. Ümumiyyətlə, qanuna tərif verəndə deyirik ki, təkrarlanan ictimai münasibətləri tənzimləyən normativ hüquqi akt. Yəni bu çevrədə müxtəlif ictimai münasibətlər var və o da təkrarlanır. Bu təkrarlanmanın tənzimlənməsi də subyektiv amillərdən ola bilməz. Qanun olmalıdır. Biz yalnız  birini – 150 metrlik kvotanı tənzimləyirik. Onu da, təbii ki, pozmuşuq. Real vəziyyəti aradan qaldırmaq “sovetski”dəki vəziyyətdən bəlkə də 100 dəfə ağır olacaqdır. Dövlət sabah Xəzər dənizinin ətrafını o tikililərdən azad etmək proqramını həyata keçirsə, 100 minlərcə insanın həyatını əhatə eləyən bir problemlə üz-üzə qalacaq.
Ancaq dünyada dənizdən həm də inşaat, evtikmə, turizm və sair kimi istifadə edirlər. Elə qardaş Türkiyənin boğazlar həndəvəri, o akvatoriya buna nümunədir. Ona görə  biz varlılara qarşı səlib yürüşü elan eləyib kimin pəncərəsi dənizə açılırsa, onu düşmən elan eləməməliyik.  Sanksiyalar sərtləşdirilməlidir. Əgər, doğrudan da, həmin adamın evindən  dənizə çirkli resurslar daxil olursa, bunun qarşısı alınmalıdır. Onun evini sökmək və sair kimi bolşeviksayağı addımlar atmaq yanlış olardı.
Məsələnin başqa bir tərəfi Bakının kanalizasiya sistemi ilə bağlıdır. Hamımız bilirik ki, uzun illər bütün Xəzərətrafı dövlətlər dənizin bioloji ehtiyatlarına, onun digər resursla-rına zərbə vurublar. Ona görə də, məncə,  bu ölkələr arasında mühüm əməkdaşlıq sənədlərinə, sazişlərə ehtiyac var. Hamımız  məlumatlıyıq ki, dövlət səviyyəsində bu tullantı sularının axıdılması ilə bağlı mühüm bir proqram həyata keçirilir. Əminəm ki, onun reallaşması Xəzər dənizini bu yükdən azad edəcəkdir.
Amma mən bir məsələyə təəccüb edirəm. Biz artıq Limanlar haqqında qanun qəbul edirik və limanlar şəhəri kimi ad qazanmaq istəyirik. Dənizi brendə çeviririk. “Kaspiy” bizim, həqiqətən də, tanıtım nişanımızdır. Amma mən çox heyrət edirəm ki, ədəbiyyat adamlarımızın, qələm sahiblərinin yaradıcılığının yalnız barmaqla sayılacaq hissəsində dəniz ideya, poetik fikir kimi verilibdir. Dağdan nə qədər desən, yazmışıq. Dağ da bizimdir. Gözəldir, bizim ruhumuzdur, varlığımızdır. Dağsız insan həyatı natamamdır. Sadəcə, aran zonasında yaşamaq da çox çətin olardı. O insanlar Kəlbəcərə gedirdilər, yaylaqda olurdular. Amma mənim  ağlıma gələn hətta ictimai fikirdə oturubsa, təkcə Nəbi Xəzri yazıb. Rəsul Rzadan və Nəbi Xəzridən başqa dəniz ruhunu  cəmiyyətə gətirən, onu vəsf eləyən, sevdirən yoxdur. O min illərin ruhu var.
Sədrlik edən. Sağ olun, Zahid müəllim, təşəkkür edirəm. Amma Zahid müəllim, deyim ki, dənizə həsr edilmiş xeyli əsərimiz var. Niyə elə deyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Qaldırılan məsələlərə aid bir-iki cümlə demək, yəqin ki, lazımdır. Fəzail müəllimin qaldırdığı məsələlərlə bağlı deyə bilərəm ki,  Nabrandan Lənkərana qədər o üfunəti yaradanlar, Xəzər dənizini çirkləndirənlər o obyektlərin və müəssisələrin sahibləridir, işçiləridir. Yox-lamaq lazımdır ki, onlar azərbaycanlıdır, yoxsa yox. Vətənə sevgi xırda məsələlərdən başlayır. Maşının, avtomobilin pəncərəsindən nəyinsə qutusunu küçəyə atan azərbaycanlı mənim üçün azərbaycanlı deyil. Hər şey oradan başlayır. Dövlət, hökumət, əlbəttə ki, onun cəzasını verməlidir, amma evdən başlamaq lazımdır. Bu torpaq, bu millət mənimdir, bu dağ da, təpə də, dəniz də mənimdir. Onları sevmirsənsə, sən kimsən, nəçisən?
Bir də, mən o fikirlə razı deyiləm ki, qanun qəbul eləyirik, amma işləmir. Sizə bir misal gətirim. Bu yaxında bir beynəlxalq konfransda  çıxış elədim. Bəzi ölkələrin nümayəndələri sinələrinə elə vururdular ki, səslərindən qulaq batırdı. Deyirdilər ki, 2020-ci ilə qədər biz havaya buraxılan tullantıları 20 faiz azaldacağıq. Mən də çıxış elədim və dedim ki, Azərbaycan 1992-ci ildən 2009-cu ilə qədər səssiz-küysüz 2 dəfə azaldıb. 1991-ci ildən 2013-cü ilə qədər isə 3 dəfə, bəlkə də bir az azaldıbdır. Qəbul etdiyimiz normativ aktlar və hökumətin gördüyü işlər nəticəsində buna nail olunub.
Energetika sahəsini götürün. 1991-ci ildə 3 milyon ton mazut işlədilirdi. Mazut yananda nələr yaranır, yəqin ki, bilirsiniz. Bu gün heç 100 min ton da işlədilmir.
Son 6 ildə su-elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi 36 faiz artıb. Yəni qəbul etdiyimiz qanunlar, normativ hüquqi aktlar icra olunur. İstədiyimiz sürətlə olmasa da, rəqəmlərə baxsaq, görərik ki, bunlar icra olunur. Xəzər dənizinin indiki vəziyyətini 15 il bundan öncəki vəziyyətlə müqayisə eləsək, fərq var. Hər halda Azərbaycan tərəfindən çirklənmə qat-qat azalıbdır.
Bayaq mən bir neçə dəfə transsərhəd məsələlərinə toxundum. Yadımızdan çıxarmayaq ki, Ermənistanın ərazisindən, daha geniş desəm, Araz, Kür və başqa çaylarla digər dövlətlərin ərazilərindən gələn çirklənmə də Xəzər dənizinə tökülür. O cümlədən Rusiya, Qazaxıstan, Türk-mənistan və İrandan. Yəni transsərhəd məsələlərində bu cür sənədlər bizə yardımçı ola bilər. Beynəlxalq konvensiyalar var? Bəli, var. Ancaq bu yaxın ölkələrə təsir etdiyinə görə transsərhəd məsələlərində bizə bu ölkələrin yardımı daha çox ola bilər. Bir sözlə, azərbaycanlı olan hər bir kəs vətənini sevməlidir, vətənin, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır. Başqa cür ola bilməz. Sağ olun.
Sədrlik edən. Zeynəb Xanlarova, buyurun.
Z.Xanlarova. Ziyafət müəllim, danışmağa gül kimi həvə-sim var idi, amma həvəsdən saldınız. Bilirsiniz, mən ildə bir dəfə danışıram, amma yaxşı danışıram.
Mən Nardaran camaatının narahatçılığını əziz Preziden-timizə də çatdırmışam. Mənim bağım da oradadır. Onların şikayəti olanda daha  əziyyət çəkib şəhərə gəlmirlər, elə mənə deyirlər. İşıq, qaz barədə demişəm. Sağ olsun Prezi-dentim, saatla olsa da, onlara işıq verilir. Onlar da  razılıq edirlər. Deyirlər ki, Allah bizim Prezidentimizə can sağlığı versin.
İndi mən ikinci bir məsələ barəsində danışmaq istəyirəm. Camaat çox narahatdır. Biz yerli camaatı ayağa qaldır-mayaq. Mən Nardarana  Maştağa yolu ilə yox, Binə yolu ilə gələndə görürəm, dənizin qırağında evlər tikilib. Bilinmir kimindir. Elə hasara alınıb ki, mən dünyanı gəzmişəm, belə halla rastlaşmamışam. Amerikanın Ağ Evini gedib görürük. Qarşısında əməlli-başlı bir hasar yoxdur. Elə hasar çəkiblər ki, insanlar ağlayırlar, deyirlər, əlimizdən hər şeyi alıblar, bəs bu dənizi niyə alıblar? Hasarı çəkmisən, özün bilərsən, amma gəlib səni oğurlamayacaqlar ki? Bəzək-düzək, hər şey eləmisən. Bilmirəm kimindir,   İsgəndərindir, Cahangirindir. Mənə dəxli yoxdur. Tikiblər, sağlıqlarına qismət olsun. Ancaq bu hasarı çəkib o dənizi xalqın əlindən  almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var, evin həndəvərinə çəkəsən, elə deyil,  dənizi bütöv hasara alıblar. Bu mənim özümə də xoş gəlmir. Dənizi insanlardan almaq olmaz axı. Allahın xalqa bəxş etdiyi dənizin ətrafına bu hasarı niyə çəkiblər?
Onu istəyirlər ki, xalq ayağa qalxsın, gedib o hasarı kü-lünglərlə dağıtsın? Mən istəmirəm, belə olsun. Biz camaatı güclə sakitləşdirmişik. Vallah, inanın, getdim, Prezidentimə də dedim. Dedi ki, hər şey həll olunacaq. Qaz, işıq problemini həll elədilər. İndi bu dəniz məsələsi, bilmirəm, necə olacaq. O kimin villasıdırsa, tikiblər, sonra qabağını da hasara alıblar. Bir var, evin qabağını hasara alasan, bir də var, bütün dənizi. Gedib Maştağaya qədər çıxır. Açığını deyim, mən qorxuram ki, camaat ayağa qalxsın.
Şikayətlərini mənə eləyiblər. Nardaran camaatı “sən öləsən”ə, “mən ölüm”ə baxmır. Qalxdılar, qurtardı. Mən istəmirəm, elə şey olsun. Mən çox xahiş edirəm, qardaşım kimi Sizə müraciət eləyirəm. Bir nəzərə alsınlar ki, bu, yaxşı deyil. Mən əvvəldən deyirəm. Sabah bir şey olsa, bilsinlər ki, mən sözümü dedim. Qoy Nardaran camaatı da eşitsin ki, mən Milli Məclisdə sözümü dedim. Sağ olun.
Sədrlik edən. Qalib Salahzadə.
Q.Salahzadə. Mən Zeynəb xanımın dediyi məsələ ilə əlaqədar çıxış etmək istəyirəm. Çəkilən həmin hasarlar Bilgəh torpaqlarındadır və o torpaqların Nardaran camaatına heç bir aidiyyəti yoxdur.  İsgəndər deyilən adam vaxtilə gəlib dövlətin pulunu ödəyib, o torpaqları alıb. İndi orada hasar çəkib, gözəllik yaradır və bilgəhlilərin də buna heç bir etirazı yoxdur.
Mən bir bilgəhli kimi bunu deməliyəm. Nardaran torpaqları isə  Bilgəh torpaqlarından sonra başlayır. Deyilən hasarların hamısı Bilgəh torpaqlarında çəkilib,  heç kəsin də buna iradı yoxdur. Bakı kəndlərində adətdir, heç bir kəndin nümayəndəsi başqa bir kəndin ərazisinə keçə bilməz. Qanun öz yerində, bütün qanunlar işləyir, ancaq o torpaqların bir-birinə aidiyyəti yoxdur. Zeynəb xanımın dediyi torpaqlar Bilgəh torpaqlarıdır. Orada tanınmış adamlar torpaq alıblar.
Yerdən. (Eşidilmir.)
Q.Salahzadə. Kimisə başqa nə maraqlandırırsa...
Sədrlik edən. Yaxşı, aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası  Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir. Almaniya Azərbaycan iqtisadiyyatının dirçəlməsinə elə müstəqilliyin ilk illərindən kömək edib. Bu sazişdə də dövlət tərəfindən verilən kreditlərin istiqamətləri göstərilib. Milli Məclisin İqtisadi siyasət komitəsində bu məsələyə baxılıb. Bildirilib ki, bu sazişdə nəzərdə tutulmuş layihələr Azərbaycan iqtisadiyyatının inkişafına, qeyri-neft sektorunun sürətli artımına, kiçik və orta sahibkarlığın təşviqinə yönəlmişdir. Millət vəkillərindən sazişə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
 
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, son illər Azərbaycanın uğurlu xarici si-yasətinin ayrılmaz tərkib hissəsindən biri də bir çox ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın açılması, eyni zamanda, onların böyük əksəriyyətinin artıq Azərbaycan Respublikasının mülkiyyətində olmasıdır. Bunlar çox müsbət hallardır.
Hazırda Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqlarının mühafizəsi Azərbaycan Respublikası  Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Orada xidmət göstərən zabit heyətinə diplomatik pasportların verilməsi təklif olunur. Bu baxımdan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna dəyişiklik, daha doğrusu, əlavə təklif olunur. 5-ci maddə, qeyd etdiyim kimi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin zabit heyəti üçün nəzərdə tutulur. Hesab edirəm ki, çox düzgün bir təklifdir və bu orada həyata keçirilən mühafizə xidmətinə bir töhfə verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Mən hesab edirəm ki, bu əlavə normaldır və düzgündür. Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklərinin yanında xidmət göstərən bütün əməkdaşların diplomatik pasportla təmin olunması vacibdir. Amma mən bura başqa bir əlavənin olunmasını istərdim.
Mənim bir təklifim var. Dəfələrlə burada da səslənib, mətbuatda da yazılıb. Mən çox istərdim ki, millət vəkillərinə diplomatik pasport ömürlük verilsin. Çünki nəzərə alaq ki, millət vəkillərinin bir hissəsi növbəti seçkilərdə də seçilir. Yəni keçmiş millət vəkillərini də üst-üstə saysaq,  300 nəfərdən artıq olmaz. Bu adamların diplomatik pasport daşıması heç kimə mane olmur. Bu dəqiqə pullu xidmətlər çoxalıb. Əslində, diplomatik pasport elə bir xüsusi üstünlük vermir, sadəcə, sərhəddən keçəndə, təyyarə ilə gedəndə şəraiti yüngülləşdirir.
Bir adam 10 il millət vəkili olandan sonra təzədən bu əziyyətləri çəkəcəksə, onun gördüyü işin nəticəsi olaraq bu, real, düzgün olmur. Bir sıra ölkələrdə, məsələn, Türkiyədə millət vəkili olubsa, o, ömürlük millət vəkilidir, nazir olubsa, həmişəlik ona “sayın bakan” deyirlər və sair. Ona görə də bizdə bir dəfə millət seçibsə, o, deməli, həmişəlik seçilib. Parlamentdə oturub-oturmamasından asılı olmayaraq, o, xalqın seçimidir. Bir dəfə seçib, üstündən xətt çəkməyib ki? İkinci dəfə, sadəcə olaraq, seçkiyə getmir və sair. Millət vəkillərinin statusunu qaldırmaq, onların cəmiyyətdə xüsusi yerini göstərmək üçün deputatlara diplomatik pasportun ömürlük verilməsi, məncə, çox vacibdir və biz bunu bu qanuna əlavə etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun ömürlük diplomatik pasport verilən şəxslərin çərçi-vəsini dəqiq göstərib. Ölkə Prezidenti, Milli Məclisin Sədri, Konstitusiya Məhkəməsinin sədri, xarici işlər naziri, Baş nazir bu qəbildəndir. Həmin şəxslər həm də ali siyasi vəzifə tutduqlarına görə ömürlük diplomatik pasportla təmin olunurlar.
Millət vəkilləri üçün nəzərdə tutulan diplomatik pasport onların  beynəlxalq tədbirlərdə iştirakı, parlamentin xarici siyasətdə oynadığı rolla bağlıdır. Hesab etmirəm ki, millət vəkilinin adı onun gələcəkdə diplomatik pasportu ömürlük daşıyıb-daşımaması ilə bağlı ola  bilər. Bu baxımdan hesab edirəm ki, bunun üçün heç bir əsas yoxdur. Bir daha vurğulamaq istəyirəm, mütərəqqi dünya təcrübəsində də belədir, ömürlük pasport alanların dar çərçivəsi qanunla müəyyənləşdirilib. Bunun bütün millət vəkillərinə və digər şəxslərə şamil olunması üçün hansı isə bir hüquqi siyasi əsasın olduğunu düşünmürəm. Belə bir əsas görmürük. Sağ olun.
Sədrlik edən. Mənim yadımdadır, biz bu qanunun üzərində işləyəndə dünya təcrübəsinə, o cümlədən Türki-yənin təcrübəsinə də müraciət etdik. Sabir müəllim, Türki-yədə “sayın millət vəkili” deyirlər, amma onlara ömürlük pasport verilirmi? Verilmir. Belə bir təcrübə yoxdur. Ona görə biz dünya təcrübəsinə əsaslandıq.
Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Dəniz limanları haqqında Azərbaycan Respublikası  qanununun layihəsi barədədir. Komitə sədri Ziyad Səmədzadə, buyurun. 
Hörmətli deputatların nəzərinə çatdırmaq istəyirəm ki, qanun layihəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi hörmətli Qüdrət Qurbanov və Dəniz Administrasiyasının Aparat rəhbəri iclasda iştirak edirlər. Qüdrət müəllim, çıxış etmək istəsəniz, Sizə də şərait yaradacağıq. Buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, mən komitənin adından çox geniş, ətraflı məruzə hazırlamışam. Ancaq müəyyən prosesləri, Xocalı faciəsi gününü nəzərə alaraq bir qədər qısa danışmaq istəyirəm.
Ölkə iqtisadiyyatının dinamik və keyfiyyətli inkişafı nəqliyyat kompleksinin əhəmiyyətli dərəcədə sürətli inki-şafından asılıdır. Son illərdə Azərbaycanda nəqliyyat kompleksinin inkişafı ilə əlaqədar olaraq çox böyük işlər görülmüşdür. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin formalaşmasında nəqliyyat kompleksi çox fəal iştirak edir. Azərbaycan Respublikası 1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan Beynəlxalq Dəniz Təşkilatına tamhüquqlu üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə  Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası yaradılmış və müvafiq  əsasnamə təsdiq edilmişdir. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikasının dəniz nəqliyyatı sistemində bütün proseslərin tənzimlənməsi işinə çox bacarıqla rəhbərlik edir. Qəbul edilmiş əsasnamə ilə Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərə nəzarəti həyata keçirir.
Administrasiyaya həmçinin gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsində nəzarəti həyata keçirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə tədbirlər görmək, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, limanlar, liman məntəqələri və yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək hüquqları verilmişdir.
Hörmətli millət vəkilləri, xatırlayırsınızsa, cənab Prezi-dentin iştirakı ilə Azərbaycan Respublikası Dəniz Adminis-trasiyasının inzibati binası açıldı. Bu bina müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir və bütövlükdə Azərbaycan gəmilərinin okean və dənizlərdə üzmə prosesin izləyir. Hazırda Azərbaycan Respublikasında mövcud olan gəmi reyestrlərində ümumilikdə min ədədə yaxın gəmi qeydiyyata alınmışdır. Dövlət Dəniz Administrasiyası tərəfindən dənizdə təhlükəsizliyin və dəniz mühitinin mühafizəsinin təmin edilməsi məqsədi ilə istər qeyd edilən gəmilərin, istərsə də Azərbaycan Respublikası limanlarına xarici dövlətlərin bayrağı altında gələn gəmilərin nəzarət yoxlanılmasının keçirilməsi hər zaman yüksək səviyyədə təmin olunmuşdur.
Siz bilirsiniz ki, Azərbaycan bir sıra irimiqyaslı bey-nəlxalq layihələrdə fəal iştirak edir. Qədim İpək yolunun bərpası, Cənub-Şimal-Qərb nəqliyyat dəhlizinin açılması Azərbaycanın nəqliyyat imkanlarını genişləndirir və ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün mühüm faktora çevrilir. Əsrin Müqaviləsi bağlanandan sonra respublikanın iqtisadi və tranzit kommunikasiya əhə-miyyəti xeyli dərəcədə artdı.
Bu gün Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Qədim İpək yolunun bərpası ideyası uğurla həyata keçirilir ki, bu da Azərbaycan üçün daimi kapitaldır, iqtisadi müstəqilliyin qorunması üçün güclü bir siyasi, iqtisadi vasitədir. Hesablamalar göstərir ki, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi ilə aparılan yüklərin miqyası ildən-ilə artır. Mən vaxtınızı almaq istəmirəm, kifayət qədər material vardır.
Dəniz limanları xüsusi ayrılmış ərazidə və akvatoriyada yerləşən gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, baqaj və yük əməliyyatlarının həyata keçirilməsi, habelə liman-larda göstərilən xidmətlər və ticarət gəmiçiliyinin digər məqsədləri üçün müəyyən edilmiş tikinti kompleksləri olmaqla hər bir ölkənin nəqliyyat infrastrukturunun önəmli vasitəsi olaraq ölkə iqtisadiyyatında müəyyən paya sahibdir. SSRİ dağıldıqdan sonra, heç şübhəsiz ki, Azərbaycanın dəniz gəmiçiliyinə də müəyyən mənfi təsirlər oldu. İqtisadi əlaqələrimizin qırılması yük dövriyyəsini azaltdı, strukturu xeyli dərəcədə pisləşdirdi. Lakin son illərdə görülən tədbirlər – Azərbaycan Dövlət Dəniz Administrasiyasının yaradılması bu istiqamətdə olan boşluqların aradan qaldırılmasını xeyli dərəcədə sürətləndirdi.
Eyni zamanda, limanlarda fəaliyyətin intensivliyi və xidmətlərin artması yükalan, yükgöndərən, daşıyıcı və liman arasında münasibətləri tənzimləyən normativ hüquqi aktın mövcud olmasını zəruri edir. Azərbaycan Respublikasında dəniz limanlarının statusunu və dəniz limanlarında fəaliyyətin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi akta ehtiyacın zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası  Prezidenti tərəfindən Milli Məclisə Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun layihəsi göndərilmişdir.
Dəniz limanları haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi Avropa İttifaqı təcrübəsi, qanunvericiliyi nəzərə alınaraq  Avropa İttifaqının üz dövləti, İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə hazırlanmışdır. Qeyd olunan qanun layihəsi Azərbaycan Respublikasının dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətlərin tənzimlənməsini, limanların inşası, açılması, bağlanması qaydalarını, onlarda fəaliyyətin həyata keçirilməsini, o cümlədən xidmətlərin göstərilməsini, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən normativ müddəaları özündə ehtiva edir.
Qanun layihəsində dəniz terminalı operatorunun məsu-liyyətinin əsasları, təhlükəli yüklərin aşırılmasına dair tələbləri, dəniz terminalının operatoru və daşıyıcılar arasında hüquqi münasibətlərin tənzimlənməsi, liman infrastrukturunun obyektlərinin dövriyyəsinin məhdudlaşdırılması, limanda dövlət əmlakının idarə edilməsi, dövlət mülkiyyətində olan və limanda yerləşən əmlakın icarəyə və istifadəyə verilməsi kimi bir sıra mühüm münasibətləri tənzimləyən normalar da müəyyən olunmuşdur. Qanun layihəsində həmçinin Azərbaycan Respublikasının Dəniz limanları reyestri, liman üzrə məcburi qaydalar, limanda təhlükəsizliyin təmin edilməsi, liman infrastruktur obyektlərinin sahiblərinə dair əsas tələblər, limanda xidmət tarifləri və limanda yüklərin aşırılması üzrə xidmətlərin göstərilməsinin xüsusiyyətləri ilə əlaqədar müddəalar da verilmişdir.
Heç şübhəsiz ki, Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun qəbul edilməsi respublikamızın tərəfdar çıxdığı dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq müqavilələrin, dəniz limanları ilə əlaqədar normaların milli qanunvericiliyə daxil edilməsinə xidmət göstərəcəkdir. Dəniz limanları haqqında qanunun qəbul edilməsi istər yu-xarıda göstərilən konvensiyanın və məcəllənin, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəl-xalq müqavilələrin limanlarla  bağlı müddəalarının respub-likamız tərəfindən həyata keçirilməsində müstəsna rol oy-nayacaqdır.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hazırda Azərbaycanda beynəlxalq standartlara, müasir texnologiyalara əsaslanan liman tikilir. Bu limanın tikilməsi ilə dəniz vasitəsi ilə daşınacaq yüklərin həcmi qat-qat artacaq. Mən məlumat vermək istəyirəm ki, 1993-cü ildə Brüsseldə qədim İpək yolunun bərpası ilə əlaqədar keçirilmiş beynəlxalq konfransda, – yəni TRASEKA proqramı qəbul edilən vaxt mən  Azərbaycanın milli koordinatoru idim, –  təqribi hesablamalar aparmışdıq ki, yaxın 20 il ərzində dəniz nəqliyyatının yükləri xeyli arta-caqdır. Artıq Dəniz Administrasiyasının, Nəqliyyat Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin apardığı hesablamalara görə dəniz limanının istifadəyə verilməsi, ümumiyyətlə, nəqliyyat növləri arasında yüklərin optimal bölüşdürülməsi və bütövlükdə bu qanunun qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdə bu sahədəki mövqeyini möhkəmləndirəcəkdir.  Bilirsiniz ki, Azərbaycanda dünya bazarında xüsusi yeri olacaq  gəmiqayırma zavodunun, eyni zamanda, Bakı limanının tikilməsi və digər tədbirlər bütövlükdə Azərbaycanın nəqliyyat sektorunu daha yüksək səviyyəyə qaldıracaq. Bu isə ölkəmizin iqtisadi təhlükəsizliyi üçün son dərəcə vacib məsələdir.
Siz də bilirsiniz, Bakıda çox önəmli bir tədbir keçirildi. Bakı–Tbilisi–Qars dəmir yolunun inşası, istifadəyə verilməsi, heç şübhəsiz ki, müstəqilliyimizin qorunması, ölkəmizin qloballaşan dünyada iqtisadi təzyiqlərə məruz qalmaması üçün çox vacib məsələdir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsini birinci oxunuşda konseptual baxımdan  müzakirə edək. Təkliflər olarsa, onların hamısını nəzərə almağa söz veririk. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Ziyad müəllim. Qanun layihəsinin  müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ticarət əlaqələrimiz quru və hava yolu ilə həyata keçirildiyi kimi, dəniz vasitəsilə də uğurla davam etdirilməkdədir. Bu sahədə Böyük İpək yolunun əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hələ 90-cı illərdə Qədim İpək yolunun dirçəldilməsi ideyasının təşəbbüskarı kimi Heydər Əliyev və Eduard Şevardnadze çıxış etmişdilər.
1996-cı ilin may ayında Transqafqaz dəhlizinin reallaş-masının əsasını qoyan Serahs sazişi imzalandı. 1998-ci ilin sentyabrında Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda Böyük İpək yolunun bərpası üzrə 34 dövlətin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransın yekununda, yəni sentyabrın 8-də Avropa–Qafqaz–Asiya (TRASEKA) dəhli-zinin inkişafı üzrə beynəlxalq əməkdaşlığa dair əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı. Böyük İpək yolunun bərpası həcminə, miqyasına, gələcək nəticələrinə görə nəhəng layihə idi.
Bu baxımdan qloballaşan dünyada öz balaca respublika-sının rolunu və yerini hamıdan yaxşı anlayan Heydər Əliyev bu layihəyə böyük diqqət yetirirdi. Heydər Əliyevin bünövrəsini qoyduğu strateji planlar XXI əsrdə onun layiqli davamçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilmişdir. Avropaya ixrac neft-qaz kəmərlərinin çəkilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi, Böyük İpək yolunun respublikanın daxilində tərkib hissəsi olan avtomagistral və avtobanların salınması, həmçinin limanların Bakıdan kənara köçürülməsi, genişləndirilməsi də bu sıraya aiddir.
Fəxr edirik ki, cənab Prezident belə bir qısa zamanda limanların köçürülməsi məsələsini həll etdi, şəhərin görünüşü əhəmiyyətli dərəcədə dəyişdi, Bakının sahil sularının çirklənməsinin qarşısı əhəmiyyətli dərəcədə alındı. Bu gün nədənsə bu barədə danışmadılar. Elə hasarlardan danışırdılar. Amma görülən böyük işlər göz qabağındadır. Ən əsası isə odur ki, Bakı limanları beynəlxalq səviyyəyə uyğun olaraq yenidən quruldu.
Ziyad müəllim çox düzgün qeyd etdi, artıq bizim limanlarımız beynəlxalq əhəmiyyət daşıyır. Bu baxımdan bu gün müzakirəyə çıxarılan Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun layihəsi çox mühüm əhəmiyyət kəsb edir. Bu mühüm qanunun hazırlanmasına görə Azərbaycan Respublikasının Dövlət Dəniz Adminis-trasiyasının rəhbərliyinə, İqtisadi siyasət komitəsinə və onun sədri Ziyad Səmədzadəyə öz təşəkkürümü bildirirəm. Bu qanun layihəsi çox gözəl işlənib, amma  konseptual baxımdan olmasa da, layihə ilə bağlı fikirlərimi bildirmək istərdim. Bu, anlayışlara aiddir və mütləq düzəldilməlidir. Mənə elə gəlir ki, vacib məsələlərdir.
İlk olaraq bundan başlamaq istərdim ki, nə bu qanunda, nə də Ticarət Gəmiçiliyi Məcəlləsində  “dəniz üzgüçülüyü” anlayışı açıqlanır. Xahiş edirəm ki, “dəniz üzgüçülüyü” anlayışı qanunun 2-ci maddəsində öz əksini tapsın.
Qanunun 7-ci maddəsi “Limanın bağlanması” adlanır. Bu çox vacib və ciddi məsələdir. Maddədən anlamaq olur ki, söhbət limanın müvəqqəti yox, birdəfəlik bağlanmasından gedir. Bəlkə mən yanılıram. Əgər onun birdəfəlik bağlanmasından söhbət gedirsə, burada bağlanmanın müddəti göstərilir, amma şərtləri göstərilmir. Xahiş edirəm, bu məsələlər qanunda mütləq qeyd olunsun, çünki bir limanın açılmasına, fəaliyyətinə dövlət külli miqdarda vəsait sərf edir. Buna görə də limanın bağlanması şərtlər çox ciddi olmalıdır.
Qanunun 13-cü maddəsi “Limanda təhlükəsizliyin təmin edilməsi” adlanır. Burada çox mühüm müddəalar, yəni dəniz terminallarının, operatorların, gəmi kapitanları və sair şəxslərin vəzifələri qeyd olunur. Yenə biz ekologiya məsələsinə qayıdırıq. İstərdim, qanunda konkret göstərilsin ki, limanlarda torpaq və su təbəqəsinə ziyan yetirildikdə  kimlər  nə həcmdə məsuliyyət daşımalıdırlar. Siz bilirsiniz ki, limanlarda yüklərin boşaldılması zamanı qəza baş verə bilər. Bu zaman dənizə zəhərli və zərərli maddələr, neft məhsulları tökülə bilər. Bu halda yaranacaq məsuliyyət məsələsi...
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təqdim olunmuş layihə Dəniz limanları haqqında Azərbaycan Respublikasının qanunu adlansa da, onun preambulasında göstərilir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyir. Göründüyü kimi, qanunun adı onun məzmununa uyğun deyil. Belə ki, dəniz limanlarından təkcə ticarət gəmiçiliyində deyil, hərbi sahələrdə, sərnişin daşınmasında, sahibkarlıq fəaliyyətində istifadə olunur.
İkinci, məlumdur ki, hazırda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi qüvvədədir. Özü də məcəllə kifayət qədər yaxşı bir hüquqi aktdır. İctimai məcəllə ictimai münasibətlərin müəyyən sahəsini nizamlayan, hüquq normalarını birləşdirən və sistemləşmiş qanunvericilik aktıdır. Belə bir akt qüvvədə olduğu halda onda nəzərdə tutulmuş hüquq normalarının hamısını özündə əks etdirən yeni bir qanunun qəbul edilməsinə, şübhəsiz ki, ehtiyac yoxdur. Qüvvədə olan məcəllədə hüquq normaları yeniləşdikcə, müvafiq dəyişikliklər etməklə onu mükəmməlləşdirmək olar.
Biz 2009-cu ildə Konstitusiyaya referendum yolu ilə dəyişikliklər elədik. 96-cı maddənin VII bəndinə edilmiş dəyişiklikdə göstərilirdi ki, qanun və qərarın maddələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Belə bir Ticarət Gəmiçiliyi Məcəlləsi ola-ola bu qanunun qəbul olunması hansı zərurətdən doğur? 
İkincisi də, Ticarət Gəmiçiliyi Məcəlləsində əsas diqqət ictimai münasibətlərin olduğu fəaliyyətə yönəldilir. Burada isə subyektə yönəldilir. Mənə elə gəlir ki, Ticarət Gəmiçiliyi Məcəlləsi daha düzgündür. Digər tərəfdən, layihənin 2.1,  3.1.4,  7.3,  8.2.8, 8.2.11, 17.3, 18.4, 19.1, 19.2 və 20.4-cü maddələrində redaksiya xarakterli böyük qüsurlar var. Bu sahədə fikirlərimi Ziyad müəllimə təqdim edəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bizə təqdim olunan qanun layihəsi çox vacib bir sənəddir. Dəniz limanlarının fəaliyyətini hüquqi qaydada tənzim edən qanunun qəbul edilməsi çox vacibdir. Dəniz limanlarının inşası, qurulması və onların maddi-texniki bazasının möh-kəmləndirilməsi ilk növbədə ölkə iqtisadiyyatının möh-kəmləndirilməsinə xidmət edir. O, insanların rahatlığı üçün çox vacibdir, çoxsaylı iş yerlərinin açılmasına zəmin yaradır.
Digər tərəfdən, ən vacibi budur ki, bu limanların açılması ölkədə turizmin inkişafına böyük imkanlar yarada bilər. Turizmin inkişafı ölkə mədəniyyətinin, bizim tariximizin tanıdılmasıdır, adət-ənənələrimizin təbliğ edilməsidir. Ona görə də bu qanunu təqdir edirəm. Ölkəmizdə dəniz turizminin inkişafı üçün çox böyük imkanlar var. Əlbəttə ki,  bu limanların açılması gələcəkdə dəniz turizminin inkişafına böyük köməklik göstərəcəkdir.
Bu yaxınlarda biz Cənubi Afrikada olduq. Bizi Atlantik okeanına açılan bir limanla tanış elədilər. Düzü, burada yükdaşımalardan daha çox sərnişin daşımalarına böyük əhəmiyyət verilir. Burada daha çox turistlər olurlar. Bu da ölkənin büdcəsinə milyonlarla pul gətirir. Digər tərəfdən, həmin limanın ətrafında çoxsaylı ticarət obyektlərini, istirahət məkanlarını gördük və çox məmnun olduq. Bu limanların yaradılması, elə bilirəm ki, gələcəkdə bu vəzifələrin həyata keçirilməsinə təkan verə bilər. Qanun layihəsi çox mükəmməl hazırlanıb, yığcamdır, birinci oxunuşun tələblərinə cavab verir. Mən də qanun layihəsinin birinci oxunuşda qəbul olunmasının tərəfdarıyam. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Muxtar Babayev.
M.Babayev. Çox sağ olun, Ziyafət müəllim.  Doğrudan da, qanun çox mükəmməl hazırlanıb. İstərdim, bəzi məsə-lələrə fikrinizi cəlb edim. Ümumiyyətlə, Xəzər dənizi çox rəqabət aparılan bir bazardır. Bu gün  həm şərqdən qərbə, həm də şimaldan cənuba çox böyük həcmdə daşımalar həyata keçirilir. Bu böyük bir rəqabət bazarıdır. Qanunun 15-ci bəndində qeyd olunub ki, limanda göstərilən xidmətə görə tariflər müvafiq icra  hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Hər bir əməliyyat, hər bir istehlakçı, hər bir böyük daşıma müqaviləsi üçün hər dəfə hansısa tariflərin Tarif Şurasında təsdiq olunmasını bu əməliyyatlar zamanı yaddan çıxarmaq olar.
Biznes tez, çevik münasibət tələb edir. Ola bilər ki, daxili daşımalar,  daxili əməliyyatlar üçün tariflər Tarif Şurası, ya da müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunsun. Amma beynəlxalq,  tranzit daşımaları üçün limanlara maksimal çeviklik vermək lazımdır ki, onların  bazara,  tələbata, daşınan həcmlərə uyğun səlahiyyətləri olsun, bu qərarı çıxara bilsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Qanu-nun önəmi,  nə qədər vacib olması haqqında danışmağa dəyməz, çünki həmkarlarımız bunların hamısını dedilər. Bu limanların inşası, istismarı ilə, təbii ki, Xəzər dənizində yükdaşımalar, sərnişindaşımalar ildən-ilə artacaq və çox önəmli iqtisadi dəyər verəcək. Əlbəttə ki, bu qanun layihəsini konseptual olaraq dəstəkləmək lazımdır və səs verib dəstəkləyəcəyik. Amma yenə də xahiş edərdim ki, bəzi terminlərə, anlayışlara diqqət yetirilsin. Çünki onlara diqqət yetirilməsə, qeyri-müəyyənlik yarana bilər.
Bayaq qeyd etdilər ki, “dəniz üzgüçülüyü” harada və necə yazılsın? Birinci, bu “üzgüçülük” sözünü mən qəbul eləmirəm. “Üzgüçü” Azərbaycan dilində əllə-ayaqla çapalayan adama deyirlər. Gəmi üzgüçü deyil ki, üzgüçülüyü də olsun. Başa düşürəm ki, «Ð¼Ð¾Ñ€ÐµÐ¿Ð»Ð°Ð²Ð°Ð½Ð¸Ðµ» sözünü tərcümə ediblər: “dəniz üzgüçülüyü”. Amma rus dilindən tərcümə düzgün deyil. Lazım bilsəniz, təklif də verə bilərəm.
Bir də, 3-cü maddədə eyni anlayışlar başqa cür adlan-dırılır. Misal üçün, 3.1.1-ci maddədə “dəniz limanı” anlayışı verilib. Hamısının adları çəkiləndən sonra qeyd olunub ki, nəzərdə tutulan “qurğular kompleksi”.  3.1.7-ci maddədə yazılıb ki, dəniz terminalı – bir-biri ilə bağlı olan və yük əməliyyatlarının həyata keçirilməsi, onların aşırılması, o cümlədən gəmilərə və sərnişinlərə xidmət üçün nəzərdə tutulan obyektlərin məcmusu. Niyə birinci halda “qurğular kompleksi”, ikinci halda “obyektlərin məcmusu” yazılır? “Məcmusu” sözü qəbuldursa, elə yuxarıda da “ qurğular məcmusu” yazaq da. Mətndə belə uyğunsuzluqlar çoxdur,  ona görə xahiş edərdim ki, bunlara diqqət yetirək.
Bir də, mən “operator” sözünü qəbul edə bilmirəm. Yadınızdadırsa, 1994-cü ildə imzalanmış Azəri–Çıraq–Günəşli kontraktı burada müzakirə olunanda biz o ifadəni təklif elədik və bu gün artıq bu söz dilimizə yapışıb – Azər-baycan Beynəlxalq Əməliyyat Şirkəti. “Operation” sözü. İngilis, fransız dillərini məndən yaxşı bilən insanlar çoxdur, amma bunları tərcümə etsək, “əməliyyat” deməkdir. Ya əməliyyatçıdır, ya əməliyyat qurumudur, ya da əməliyyat şirkətidir. Operatorun nə işi var Azərbaycan limanında? Xahiş edirəm, buna da baxasınız.
3.1.11-ci maddədə yazılıb ki, “yüklərin və ya baqajın”. Baqaj da yükün bir növüdür də. Ağzımıza yapışıb, elə baqaj-baqaj deyirik. Baqaj yük deyil, bunların arasında nə fərq var ki?
3.1.13-cü maddədə qeyd olunur ki, “limanda göstərilən xidmətlərin istifadəçiləri – yükgöndərənlər, yükalanlar, gəmi sahibləri, daşıyıcılar”. Gəmi sahibləri yoxdur, gəmini frakt edən qurum və ya şəxs var. Buna aid deyil? Yəqin ki, aiddir. Ya da bu gəmini hər hansı bir müqavilə əsasında idarə edəndir. “İstifadəçilər” anlayışı bir az geniş, dəqiq verilməlidir.
Bir də, burada qeyd olunur ki, liman ərazisi – örtülmüş torpaq sahəsi. Əgər bu sahə betondan, ya da metal kons-truksiyalardan inşa edilibsə, limanın ərazisi sayılmayacaq? Yəqin ki, sayılacaq. Torpaq sahəsi hər zaman torpaqdan ibarət deyil. Ya da götürək “qruntun yuyulması” ifadəsini. Azərbaycan dilində “qrunt”u əvəz edən söz tapılmır ki? Xahiş edirəm, bunlara diqqət yetirəsiniz.
Bir prinsipial məsələ də 20.5-ci maddədədir. Yazılıb ki, sifarişçinin məlumatlandırılmasından sonra 4 gün müd-dətində. “4 iş günü müddətinə, 4 təqvim günü müddətinə” – bu, dəqiq yazılmalıdır ki, sabah bir problem yaşananda bu məsələlər həll olunsun.
Xahiş edirəm, “mülkiyyətçi” termininə diqqətlə yanaşaq, çünki mülkiyyətçi sahib olan, idarə edən və mülkiyyətə aid qərar verəndir. Biz yazırıq: “mülkiyyətçi və sahib”. Sahib olmaq “mülkiyyətçi” anlayışının bir hissəsidir. Mülkiy-yətçidirsə, həm sahibdir, həm qərar verəndir, həm də idarə edəndir. İdarə etmək, qərar vermək səlahiyyətlərini hansısa saziş əsasında kiməsə ötürə bilər. Amma mülkiyyətçi birinci növbədə sahibdir. Əlbəttə ki, qanun layihəsini dəstəkləyirəm, sizləri səs verməyə çağırıram. Qüdrət müəllimi yaxşı tanıyıram, yüksək intellektual səviyyəli bir insan olduğunu bilirəm. Ona görə də əminəm ki, sözlərimiz düzgün istiqamətdə çatıb və bu qanun ikinci oxunuş üçün ən yüksək səviyyədə hazırlanıb, təqdim olunacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, mənə elə gəlir, heç kimdə şübhə yoxdur ki, qanun layihəsi konseptual baxımdan çox kamil bir sənəddir, gözəl hazırlanıb. Ona görə də təklif var ki, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 

 

 

 

 

EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ
 
25 fevral 2014-cü il
__________

Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, Xocalı soyqırımı haqqında danışanda 10 il əvvəlki vəziyyətlə bu günü müqayisə edərkən görürük ki, artıq dünya Xocalı soyqırımından xəbərdardır. Onlarca dövlət artıq Xocalı soyqırımı haqqında qanun səviyyəsində qərarlar qəbul edib. Eyni zamanda, bu gün dünyanın bir çox ölkələrində, xüsusilə də Avropada, ABŞ-da və Kanadada Xocalı soyqırımı ilə bağlı tədbirlər, yürüşlər, sərgilər təşkil edilir, faciə haqqında videoçarxlar nümayiş etdirilir.
Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri, “Xocalıya ədalət” kampaniyası təqdirəlayiqdir. Bizim vətəndaş olaraq borcumuz isə bu işə dəstək verməkdir. Bütün bunların reallaşması, əlbəttə ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “hücum diplomatiyası” sayəsində mümkün olub. Odur ki, Azərbaycan həqiqətləri ilə bağlı istənilən tədbirin keçirilməsinə mane olmaq istəyən erməni lobbisi hər zaman fiasko ilə üzləşib.
Hörmətli həmkarlar, hər bir fəaliyyətin son məqsədi olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu işlərin nəticəsində əsas nailiyyətimiz Xocalı soyqırımının beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması və bu faciənin törədilməsində əli olanların cəzalandırılmasıdır. Çox təəssüflər olsun ki, hələ də beynəlxalq birlik həm Xocalı soyqırımı, həm də Azərbaycan torpaqlarının işğalı ilə bağlı ortaya qəti mövqe qoymur. Əlbəttə ki, buna nail olmaq üçün mütləq mənada sistemli və davamlı işlər görülməlidir. Erməni lobbisinin qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşdığı bir vaxtda onlara elə bir zərbə vurulmalıdır ki, bu planları da fiaskoya uğrasın. Əvvəlcədən öyrənməliyik ki, onlar hansı qüvvələrlə qondarma soyqırımı tanımaq üçün danışıqlar aparır. Buna görə preventiv addımlar atmalıyıq. Bu işdə dövlət üzərinə dişən vəzifələri yerinə yetirir. Amma bütün azərbaycanlılar bu işdə fəal olmalıdır və görəcəyimiz işlər reklam xatirinə olmamalıdır. Beynəlxalq aləmə çıxışı olan mətbuat, vətəndaş cəmiyyəti nümayəndələri, xaricdə oxuyan tələbələrimiz, iş adamları, diaspor nümayəndələri, bir sözlə, hər kəs bir məqsəd üçün çalışmalıyıq və erməni lobbisinin fəaliyyətini iflic etməli, Azərbaycan həqiqətlərini daha geniş yaymalıyıq.
Əgər hər bir azərbaycanlı vətənpərvərlik, Vətənin daşı olduğunu nümayiş etdirib öz mövqeyində kiçik də olsa bir iş görsə, o zaman ermənilərin heç bir yalanı ayaq tutmaz və bütün dünya həqiqətləri qəbul etmək məcburiyyətində qalar. Ramil Səfərovun azad olunacağına bəlkə də heç kəs inanmırdı. Amma cənab Prezidentin iradəsi və xalqın dəstəyi buna imkan verdi. Bu işimizdə də bir olsaq, Xocalı soyqırımının təşkilatçıları və icraçıları da cəzalandırıla bilərlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU