02.05.2014 - tarixli iclasın stenoqramı
fDÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ
PROTOKOLU № 88
Milli Məclisin iclas salonu.
2 may 2014-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 96
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Teymur Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Musa Qasımlı, Qənirə Paşayeva, Fazil Mustafa, Siyavuş Novruzov, Fəzail Ağamalı, Azay Quliyev
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
1. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Vahid Əhmədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
2. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova, Zahid Oruc, Fərəc Quliyev, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Gövhər Baxşəliyeva, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fəzail Ağamalı, Məlahət İbrahimqızı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
5. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Rafael Cəbrayılov, Sahib Alıyev, Fuad Muradov, Etibar Hüseynov, Rövşən Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.07 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.10 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.11 dəq.)
Lehinə 78
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 78
Nəticə: Yetərsay yoxdur
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
12. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, Azay Quliyev, Etibar Hüseynov, Gülçöhrə Məmmədova, Fəzail Ağamalı, Aqil Abbas, Zahid Oruc
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.24 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–17-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.54 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Təklif: 18–25-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Cari məsələlərin müzakirəsi.
Çıxış etmişlər: Çingiz Qənizadə, Elton Məmmədov, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novruzov, Aqil Abbas, Aytən Mustafayeva.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
2 may 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 96
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, yazılın. Əli Hüseynli.
Ə.Hüseynli. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Azərbaycan parlamenti hakimiyyət qollarından biri kimi ölkənin ictimai-siyasi həyatında, qanunvericilik həyatında çox aktiv rol oynayır və Azərbaycan dövlətçiliyinin inkişafında onun rolu əvəzolunmazdır. Amma təəssüf edirəm ki, bəzən bir sıra beynəlxalq təşkilatlar, milli qeyri-hökumət təşkilatları tərəfindən mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatlar, materiallar dərc olunur. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Bununla bağlı qeyd etmək istəyirəm ki, parlament şəffaf orqandır, ictimaiyyət üçün tam açıqdır və istənilən məsələləri biz hər zaman müzakirə etməyə hazırıq.
Təəssüf olsun ki, bir neçə gün bundan əvvəl Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan bölməsinin – “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin Azərbaycanda korrupsiya ilə bağlı dərc etdirdiyi hesabatın parlamentə aid olan hissəsində yalan, böhtan, qərəz dolu məlumatlar əksini tapıb. Mən həm də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü kimi qeyd etmək istəyirəm ki, biz korrupsiyaya qarşı mübarizə fəaliyyətinə bir çox milli qeyri-hökumət təşkilatlarını cəlb etmişik. Hesab edirəm ki, həyata keçirdiyimiz işlərdə həmişə vətəndaş cəmiyyəti ilə yanaşı olmalıyıq və “Şəffaflıq Azərbaycan” İctimai Birliyi də belə qurumlardan biri olub.
Amma hesabat hazırlamağın ümumi texnologiyası ondan ibarətdir ki, haqqında hesabat hazırlanan təşkilata bu barədə mütləq öncədən məlumat verilməlidir. Parlamenti şəffaflıq proseslərini pozmaqda, hansısa korrupsiya hallarına yol verməkdə ittiham edən bu təşkilat və onun rəhbəri Rəna Səfərəliyeva isə elə mətbuatdan gördüyümüz və oxuduğumuz kimi özü Azərbaycan dövlətçiliyi əleyhinə yönələn korrupsiya fəaliyyətləri ortaya qoyur. Bu günlərdə erməni kəşfiyyatı ilə əlaqələrdə suçlanan Leyla Yunusun külli miqdarda – yüz minlərlə vəsaiti nağdlaşdırmasının iştirakçılardan biri də həmin bu şəffaflıqdan və korrupsiyaya qarşı mübarizədən danışan Rəna Səfərəliyeva özü olmuşdur.
Mən, əlbəttə, bu hesabata geniş qiymət vermək istəmirəm. Amma hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığını dayandırmalı, Azərbaycan parlamentariləri isə bundan sonra həmin təşkilatın heç bir tədbirinə qatılmamalıdır.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən Əli müəllimin dediklərinə şərik çıxır və beynəlxalq təşkilatların hesabatlarında ikili standartların, Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqeyin olmasını təsdiqləyirəm. Məndə də bir sıra faktlar var və mən bu barədə dəfələrlə mətbuatda çıxış eləmişəm. Doğrudan da, biz nə isə etməli, hansısa addımlar atmalıyıq ki, ölkə daxilində belə insanlara, – rusca bunlara “pyataya kolonna” deyirlər, – yer olmasın və biz qanuni şəkildə onların fəaliyyətlərinə xitam verək. Bu çox vacib məsələ, bizim milli təhlükəsizlik məsələmizdir.
Hörmətli Sədr, mən bir məsələ ilə bağlı müraciət eləmək istəyirəm. Biz hər birimiz ölkə rəhbərinin başçılığı ilə həyata keçirilən uğurlu sosial layihələrin, proqramların canlı şahidiyik. Pensiyaların artırılması, uşaqların məcburi dispanserizasiyası haqqında, eləcə də Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil və ya həlak olmuş vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Prezidentin sərəncamları buna bariz nümunədir.
Bununla belə, bu gün mən bir problem barədə danışmaq istərdim. Həmin məsələ ilə bağlı mən əvvəllər də bir neçə dəfə çıxış etmişəm. 28–29 aprel tarixlərində Masallı rayonunda seçicilərimlə görüş zamanı bir kənddən iki ailə bu problemlə bağlı mənə müraciət etdi. Bu da məsələnin aktuallığını bir daha göz önünə gətirir. Problem ondan ibarətdir ki, ümumən ölkədə I qrup əlillərin sayı kifayət qədərdir. Bu insanlara, əsasən, ailə üzvləri xidmət göstərirlər.
Yataq xəstəsi olan I qrup əlillərin ailələrində vəziyyət daha çətin olur. Çünki bu xəstəyə baxmağa məcbur olan ailə üzvü işləyə bilmədiyi üçün pul qazanmır. I qrup əlilə ayrılan pensiyadan başqa ailə büdcəsinə, demək olar ki, vəsait daxil olmur. Belə olan halda ailələr maddi cəhətdən sıxıntı çəkirlər.
Təsəvvür edin, Masallının Təzəkənd kəndində yataq xəstəsi olan ər I qrup, arvad isə II qrup əlildir. Ahıl yaşda qayınata da bu əlillərin hər ikisinə qulluq edir. Bu halda həmin ailənin hansı maddi vəziyyətdə olduğunu başa düşmək çətin deyil.
Qeyd edim ki, I qrup xəstələrə qulluq edən ailə üzvlərinə xidmət pulunun verilməsi təcrübəsi bir çox dünya dövlətlərində vardır. Məsələn, Rusiya Federasiyasında ailə üzvlərinə az miqdarda da olsa, 60–70–100 dollar arasında xidmət pulu verilir. Nəzərə alsaq ki, Prezidentimiz sosial məsələlərə daha çox diqqət ayırır və hazırda müvafiq nazirliyə də çox səriştəli, sosial problemlərə həssas bir insan rəhbərlik edir, əminəm ki, bu məsələ...
Sədrlik edən. Çox sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət maraqlarımız və ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından həllini vacib hesab etdiyim iki məsələ barəsində mülahizələrimi bildirmək istəyirəm.
Birincisi, dövlətimizin mühüm orqanı olan polisin son vaxtlar alçaldılması, polisin papağının ayaqlar altına atılması mənfi bir təzahür olduğundan, fikrimcə, ictimaiyyət tərəfindən şiddətlə qınanmalıdır. Biz polisin gözdən düşürülməsinə yol verməməliyik. Görünür, “Polis haqqında” Qanuna əlavələr edilməsi zəruridir.
İkincisi, dünyada əlverişli satış bazarları, ucuz xammal mənbələri və strateji mövqelər uğrunda amansız mübarizənin getdiyi bir şəraitdə Azərbaycanın neft-qaz ixracı ilə yanaşı digər sahələrdə də ixracatçı bir ölkəyə çevrilməsini və dünya bazarlarına çıxışını daha səmərəli etmək və oralarda möhkəmlənməsi üçün, məncə, qeyri-neft sektorunda ixrac fəaliyyətinin təşviq edilməsi fayda verərdi.
Buna necə nail olmaq olar? Bəzi Avropa ölkələrinin əsrlərdən keçib gələn təcrübəsinə nəzər yetirsək görərik ki, ölkə idarəçiləri həmişə ixracı genişləndirmək üçün bir sıra təşviq metodlarından istifadə etmişlər. Ölkə daxilində istehsal etdiyi məhsulu xaricə ixrac edən özəl şirkətlər satdıqları məhsulun həcminə uyğun olaraq dövlət büdcəsindən və ixracı təşviq fondundan əvvəlcədən müəyyən edilmiş bəlli miqdarda bonus qazanmış, bu da həmin şirkətləri daha çox məhsul istehsal etməyə və yeni bazarlara çıxmağa həvəsləndirmişdir.
Hesab edirəm ki, bizdə də bu məqsədlə müvafiq addımların atılması, ya hökumət səviyyəsində müəyyən qərarların, ya da İxracı təşviq qanununun qəbul edilməsi Azərbaycanın maliyyə-iqtisadi qüdrətinin daha da artmasına, ölkəmizin yeni bazarlara çıxmasına, yeni iş yerlərinin açılmasına və dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına kömək edər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə qeyd edim ki, həmkarlarım Əli Hüseynlinin və Elmira xanımın qaldırdıqları məsələləri və onların təkliflərini dəstəkləyirəm.
Bir məsələni diqqətə çatdıraraq, cənab Sədr, Sizdən, ümumiyyətlə, parlamentimizdən bu istiqamətdə dəstək gözləyən insanların istəyini dilə gətirmək istəyirəm. Ölkəmizdə sağlamlıq, səhiyyə sahəsində cənab Prezidentin rəhbərliyi, hörmətli Mehriban xanımın dəstəyi ilə çoxlu sayda işlər görülür. Amma bir sahədə müəyyən bir dövlət proqramının olmasına ehtiyac var.
Son illərin xüsusilə böyük bəlası olan hepatit C və hepatit B sürətlə artır və çox ağır faciələr yaradır. Bunlar qara ciyəri, demək olar ki, tamamilə sıradan çıxarır və insan həyatına son qoyur. Ona görə bir dövlət proqramının qəbul olunmasına ehtiyac var. Bu dövlət proqramı nədən ibarət olmalıdır? Mən Neftçilər xəstəxanasının transplantologiya şöbəsinə rəhbərlik edən Mircəlal həkimlə danışdım. Məlum oldu ki, indiyə qədər edilmiş 58 qara ciyər köçürməsinin 45 faizi hepatit C, 40 faizi hepatit B xəstələrinin payına düşür. Yəni görün, hepatit C və hepatit B necə ağır nəticələrə gətirib çıxarır.
Hepatit C ilə bağlı peyvənd yoxdur. Amma hepatit B ilə bağlı peyvənd var və satışda bir iynənin qiyməti 17 manatdır. Sadəcə üç iynə ilə, yəni 51 manata, – hətta dövlət qiymətləri daha da ucuz ola bilər, – biz insanlarımızın 95 faizini hepatit B-dən xilas edə, yaxud bu riski azalda bilərik. Təbii ki, insanlarımız arasında bununla bağlı təbliğat-təşviqat işləri də aparılmalıdır. Tayvanda qaraciyər xərçənginə qarşı 5 il müddətində kütləvi şəkildə aparılan peyvəndlə bu xəstəliyin üç dəfə azaldılmasının statistikası var.
Hepatit C ilə də bağlı eyni mənzərədir. Tibbi sığortanın tətbiqinə qədər ən azı 18 faiz əlavə dəyər vergisini ortadan götürməklə insanlarımıza xeyli kömək etmək olar. Dövlət tərəfindən dərman təminatı da olarsa, insanlar bu əməliyyatları, heç olmasa, yarı qiymətinə keçirə bilərlər. Çünki bu insanlar o qədər də yüksək maliyyə imkanlarına malik deyillər. Ona görə təbliğat-təşviqatı da, insanlara dəstəyi də nəzərdə tutan belə bir proqram olarsa, gələcəkdə...
Sədrlik edən. Sağ olun. Hamınız təcrübəli deputatlarsınız. Bilirsiniz, 3 dəqiqə vaxtınız var. Çalışın ki, fikrinizi bu 3 dəqiqə müddətində çatdıra biləsiniz. Deputatın sözünün kəsilməsi mənim özümə də pis təsir bağışlayır. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə mən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mənə müraciət etmiş çox sayda kişi bələdçilərinin məsələsini diqqətə çatdırmaq istəyirəm. Onlar bildirirlər ki, Şimal marşrutunda müəyyən problemlər yarandığı üçün 2000-ə yaxın bələdçi işdən çıxarılmışdır. Bu insanlar hüquqlarının pozulduğuna görə müxtəlif instansiyalara müraciət edirlər.
Mən hörmətli nəqliyyat nazirimizdən xahiş etmək istərdim ki, nazirlikdə bu məsələ ilə ciddi məşğul olsunlar, onların işlə təmin olunması, onlara çatası müəyyən vəsaitlərin ödənilməsi ilə bağlı məsələlərin həllinə köməklik göstərsinlər. Çünki ayrı-ayrı vəzifəli şəxslərdən şikayət olunur. Hər halda iddia olunduğu kimi, 2000-ə yaxın bələdçi işdən çıxarılıb və onların yerinə daha təcrübəsiz insanlar, xüsusilə qadın bələdçilər işə götürülüblər. İşdən çıxarılanların hər biri ailə sahibidir və o ailələrin ən azı sosial vəziyyətini düşünərək bu insanların işlə təmin olunması və hansısa başqa bir çıxış yolunun tapılması öz vətəndaşımıza olan diqqətin bir göstəricisi ola bilər.
İkinci vacib məsələ əlillərlə bağlıdır. Elmira xanım bu məsələni qaldırdı. Mən onun fikrini dəstəkləyirəm. Həqiqətən, bu sahədə qanunvericiliyə dəyişiklik olunmalıdır. Bizdə “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 45-ci maddəsində göstərilir ki, I qrup əlilə qulluq edən şəxsin qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. Adam ömür boyu işləmir. O müddət necə əmək stajına daxil edilə bilər? Ona görə mən düşünürəm ki, əlilə qulluq müddəti artıq əmək stajı kimi qəbul olunmalıdır. Bu çox vacib məsələdir. Onsuz da bu adam pensiyaya çıxanda dövlətdən 60 manat müavinət alır. Amma əmək pensiyası ala bilmir. Bu məsələlərə həmişə həssas yanaşan Sosial siyasət komitəsi, ümid edirəm, bu məsələni bir layihə olaraq ortaya qoyacaq.
Üçüncü vacib məsələ Rusiyada bizim vətəndaşlara Rusiya pasportlarının verilməsi ilə bağlıdır. Mən bu fikirlərimi mətbuatda da açıqlamışam. Bizdə ikili vətəndaşlıq prinsipi yoxdur. Təklif edirəm ki, hər hansı bir Azərbaycan vətəndaşı başqa bir ölkənin vətəndaşlığını almaq xahişi ilə müraciət etdiyi andan Azərbaycan Respublikası vətəndaşlığından çıxarılsın. Biz gələcəkdə baş verə biləcək bütün prosesləri nəzərə alaraq Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaq və Azərbaycan vətəndaşına hörmətsizlik gətirilməməsi baxımından adekvat addımlar atmaq məcburiyyətindəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim çox düzgün deyir. Bizdə ikili vətəndaşlıq haqqında qanun yoxdur. Azərbaycan vətəndaşı ikinci dövlətin vətəndaşlığını yalnız Azərbaycan vətəndaşlığından çıxandan sonra ala bilər. Siyavuş Novruzov buyursun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də çıxışıma elə Sizin fikirlərlə başlamaq istəyirəm. Bəzi ictimaiyyət nümayəndələrində bu barədə informasiya olmadığına görə, mən hesab edirəm, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir bəyannamə yaymalıdır ki, kim başqa bir dövlətin vətəndaşlığını, onun pasportunu qəbul edirsə, həmin andan onun Azərbaycan vətəndaşlığına xitam verilir. Mən inanmıram ki, səmimi qəlbdən kim isə Azərbaycanın pasportunu qoyub, başqa bir ölkənin pasportunu daşısın. Amma istər ticarət məqsədi ilə, istər başqa dövlətlərin ərazisində özünü müdafiə etməkdən ötrü, istərsə də başqa məqsədlərlə buna gedirsə, dərhal Azərbaycan vətəndaşlığından azad olunmalıdır.
Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, milli təhlükəsizlik, dövlət müstəqilliyinin qorunması məsələsi ilk cərgədə duran məsələlərdən biridir. Ona görə də bütün Azərbaycan vətəndaşları bu gün Azərbaycan dövləti, dövlətçiliyi və Prezidenti ətrafında bir olmalıdır.
Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə iş aparanlar, erməniyə işləyənlər səngərdə bizimlə üzbəüz duran ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq saplayan insanlardır. Azərbaycanın ərazisində yaşayıb fəaliyyət göstərən və müxtəlif beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar göndərən həmin insanların informasiyası əsasında müəyyən dövlətlər Azərbaycan əleyhinə bəyanatlar və həqiqəti əks etdirməyən qərəzli məlumatlar hazırlayıb dərc etdirirlər. Dövlət Departamenti bir hesabat yayır, o biri başqa bir hesabat yayır. Hesabatın mənbəyi bəlli oldu – erməni mənbələri, erməniyə işləyən insanlar. Ona görə də bu məsələlərdə biz ciddi olmalıyıq.
Çox düzgün qeyd olundu ki, beşinci kolonnanın nümayəndələrinə qarşı biz öz işimizi düzgün qurmalıyıq. Biz işimizi elə aparmalıyıq ki, vətənə xəyanət eləyən insanlar ifşa olunub hüquq mühafizə orqanlarına təslim edilsinlər və hesabat versinlər. Burada çəkinmək lazım deyil ki, hansı beynəlxalq təşkilat hansı bəyanatı verəcək, hansı dövlət hansı sözü deyəcək. Bu adam Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı çıxış eləyib, ona görə də cəzasını almalıdır.
Burada Əli müəllim qeyd elədi, şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında olmazın yaramaz fikirlər söyləyir. Onlara qarşı ciddi şəkildə...
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, əlbəttə, çıxışıma hörmətli həmkarımız Əli Hüseynlinin fikirləri ilə başlamaq istərdim. Kifayət qədər ciddi və vaxtında qaldırılmış məsələdir. Çox təəssüf edirəm ki, bu gün Azərbaycanda bir antiazərbaycan şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkənin Azərbaycan dövlətinə, cəmiyyətinə, xalqına qarşı iftiraları, böhtanları zaman-zaman ən müxtəlif kütləvi informasiya vasitələri ilə gündəmə gəlir. Yazırlar ki, icra strukturları arasında qarşıdurmalar var, ölüm-dirim mübarizəsi gedir. Bu gün antiazərbaycan şəbəkəsinin təkcə Azərbaycan mətbuatına deyil, eyni zamanda, kənara da vermiş olduğu informasiyalarda Azərbaycan parlamentinin fəaliyyəti ilə də bağlı müxtəlif iftiralar, böhtanlar yer alır. Bunların hamısının arxasında antiazərbaycan təbliğatı, antimilli şəbəkə durur.
Leyla Yunusun uzun illərdən bəri Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə qarşı aparmış olduğu total mübarizə dediklərimə ən bariz nümunədir. Yeganə adamdır ki, bu və ya digər dövlətin, beynəlxalq təşkilatın vasitəçiliyi olmadan birbaşa ermənilərlə, ermənilərin xüsusi xidmət orqanlarının təsiri altında olan qeyri-hökumət təşkilatları ilə bu və ya digər layihələrdə iştirak edir və bütün səviyyələrdə Azərbaycana qarşı amansız və ardıcıl mübarizə aparır. İndi gec də olsa onun erməni xüsusi xidmət orqanları ilə bağlılığı araşdırılır.
Mən bir millət vəkili və Azərbaycan vətəndaşı olaraq neçə illərdir ki, Leyla Yunusun azərbaycanlılara qarşı apardığı mübarizə haqqında ən müxtəlif səviyyədə fikir söyləyirəm. Mənim dediklərim bu gün artıq öz təsdiqini tapır. Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanlarının təsiri altında olan və Azərbaycana qarşı erməni lobbisinin ayırmış olduğu vəsaitlə təbliğat aparan adamdır. Ona görə də mən bütün millət vəkillərinə, Azərbaycanı sevən bütün insanlara müraciət edib demək istəyirəm ki, biz ictimai rəydə Leyla Yunus və onun tərəfdarlarının, bu şəbəkənin bütün üzvlərinin ifşası ilə ciddi şəkildə məşğul olmalıyıq.
Son olaraq bir şeyi də qeyd etmək istəyirəm. Azərbaycanda elə insanlar var ki, başqa ölkələrin vətəndaşlığını qəbul etmiş olsalar da, bu günə qədər Azərbaycan pasportunu daşıyır və Azərbaycana həmin pasportla gəlib-gedirlər. Düşünürəm ki, bununla da məşğul olmaq lazımdır. Başqa ölkələrin vətəndaşlarından Azərbaycan pasportlarını almağa ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Təəssüflər olsun ki, mən də çıxışıma “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin son hesabatı ilə bağlı deyilən fikirlərə qoşularaq başlamaq istəyirəm. Ona görə ki, Milli Məclis haqqında yazılan bu hesabat, doğrudan da, çox üzücü bir hesabat idi. Heç bir əsaslara, faktlara söykənmədən bu gün Azərbaycanın qanunvericilik hakimiyyətinə qarşı belə qərəzli bir hesabat hazırlayıb vermək, hesab edirəm ki, məqsədyönlü hərəkətdir və qanunvericilik hakimiyyətini gözdən salmaq məqsədi daşıyır. Mən təəssüf edirəm ki, bu gün bunu bizim qeyri-hökumət təşkilatlarından biri edir.
Digər tərəfdən, son günlər “Şəffaflıq Azərbaycan” İctimai Birliyi və onun rəhbəri Rəna Səfərəliyeva haqqında mətbuatda gedən məlumat da ikinci bir təəssüf hissi yaratdı. Bəlli oldu ki, bu təşkilat Leyla Yunusa operatorluq etməklə, çirkli pulların yuyulması ilə məşğul imiş. Bu təşkilatın hesabına gələn külli miqdarda vəsait məhz Leyla Yunusun şəxsi ehtiyaclarına və onun Azərbaycana qarşı həyata keçirdiyi layihələrə yönəldilibmiş. Bu da hesab edirəm, ikinci bir qanun pozuntusudur və şübhə etmirəm ki, müvafiq qurumlar bununla bağlı müvafiq araşdırma aparacaqlar.
Yeri gəlmişkən, xalq diplomatiyasından danışıldı. Təəssüflər olsun ki, xalq diplomatiyası bu gün bir sıra insanlar tərəfindən sui-istifadə metoduna çevrilib istismar edilməkdədir. Xalq diplomatiyası adı altında Azərbaycan xalqının əleyhinə, Azərbaycan xalqının maraqlarına uyğun olmayan işlər həyata keçirilir. Bəli, xalq diplomatiyasından əgər məharətlə istifadə olunsa, bir mövzu müzakirəyə çıxarıla bilər – necə edək ki, Ermənistan Azərbaycan ərazilərindən çıxsın, işğala son qoysun. Ermənistan QHT-lərinin əgər cəsarəti varsa, beynəlxalq hüququn qorunması və Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilə bağlı öz hakimiyyətlərinə söz deyə bilərlərsə, bəli, xalq diplomatiyasından danışmaq olar. Yoxsa Leyla Yunus gedib xalq diplomatiyası ilə məşğul olur. Görün bu adam Azərbaycan dilini bu gün necə təhqir edir. Deyir, mən Azərbaycan dilində o vaxt danışıram ki, söyüş söyürəm. Belə bir şəxs necə gedib Azərbaycan xalqının maraqlarını qoruya bilər, necə xalq diplomatiyasından danışa bilər?
Biz neçə müddətdir deyirik ki, Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarının görüşlərini təşkil edin. Niyə bunu etmirlər? Çünki ermənilərin marağına, Minsk qrupunun marağına uyğun deyil. Amma bu gün Leyla Yunusu xalq diplomatı eləyiblər, bəzi səfirliklər onun ətrafında toplaşıblar, bir saat ərzində 5 illik viza verib ölkədən çıxarılmasına cəhd edirlər. Belə şey olarmı?
Biz bu gün hökumət olaraq qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün maksimum şərait yaratmışıq və bütün hallarda onları dəstəkləyirik. Amma bu o demək deyil ki, bundan sui-istifadə edib Azərbaycan əleyhinə, milli maraqlara qarşı kim isə addım atsın.
Mən hesab edirəm, Azərbaycan dövləti kifayət qədər güclüdür ki, öz maraqlarını qoruya bilsin və eyni zamanda, Konstitusiya əleyhinə olan hər bir hərəkətə qarşı qanunvericilik çərçivəsində cavab verə bilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azay müəllim, Sizin alovlu çıxışınıza qulaq asdım. Amma Siz həm də bizdə qeyri-hökumət təşkilatları üzrə cavabdeh bir insansınız. Bu təşkilatlara müxtəlif layihələrin həyata keçirilməsi üçün qrantlar verirlər. Ümumiyyətlə, bir nəzarət olunurmu ki, bu layihələr həyata keçirilir, ya yox? Axı, vicdanlı QHT-lərlə yanaşı, vicdansız QHT-lər də var. Yəni əgər layihə varsa, o layihə axıra çatdırılmalıdır.
İndi Siz bu layihədən, hesabatdan danışırsınız. O hesabatı mən də oxudum və çox təəssüf elədim ki, araşdırma ilə məşğul olmalı bir təşkilat, əslində, araşdırma ilə deyil, qarışdırma ilə məşğuldur. Araşdırma ilə qarışdırmanın arasında fərq çox böyükdür. Parlament kimi ali hakimiyyət orqanının, heç olmasa, bir illik, iki illik fəaliyyəti çox ciddi və ətraflı araşdırılıb təhlil edilməli idi ki, obyektiv nəticələr əldə olunsun. Bu insanlar isə, üzr istəyirəm, küçə yazılarını götürüb oradan bir-bir misallar çəkə-çəkə hesabat düzəldib beynəlxalq təşkilata göndərirlər ki, Azərbaycan parlamenti budur.
Bunun səbəblərindən biri də elə bizim özümüzdədir. Parlament həmişə dözümlü olub, heç kimə irad bildirməyib. Amma son vaxtlar nəinki bəzi QHT-lər, mətbuat vasitələri, hətta bəzi televiziya kanalları da parlamentə qarşı çox haqsız hərəkətlər edir, Milli Məclisi çox pis sifətdə göstərirlər. Amma bizim bəzi deputatlar üç gündən bir gedib onlara müsahibə verirlər. Niyə? Ona görə ki, sizə qarşı belə münasibət göstərir, belə yalanlar, iftiralar deyirlər? Belə məsələlərdə diqqətli olmalıyıq.
Bunlar hamısı kiçik şeylərdir, keçib gedəcək. Amma bizim deputatlar başqa bir şeyə fikir verməlidirlər. Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ problemidir. Bu problem bizim hamımızı ağrıdır və biz istəyirik ki, bu məsələ öz həllini tapsın. Bizim üçün bəzən Ukrayna–Rusiya məsələsini misal gətirirlər.
ATƏT-in Minsk qrupunu yaratdılar. Minsk qrupu bu münaqişənin həlli istiqamətində hərəkətlər edir. Amma biz bu günə kimi bir inkişaf görməmişik. İndi isə inkişaf görmək əvəzinə bir az da geriləmə görürük. Yeni gələn bəzi həmsədrlər sanki Qarabağ probleminin kökündən xəbərsizdirlər. İşləri, peşələri Ermənistanda olan jurnalistlərlə görüşüb onlara xoş gələn bəyanatlar vermək, tərəfgirlik göstərməkdir.
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında erməni diasporu “İrəliyə və Dağlıq Qarabağa dəstək” adlı bir tədbir keçirməli və bizim hörmətli həmsədrlərdən biri – Ceyms Uorlik orada iştirak etməliydi. Şükürlər olsun ki, bunun səhv olduğunu başa düşdü, iştirak eləmədi.
Ancaq bütün bu hərəkətlər, mən hesab edirəm ki, düzgün deyil. ATƏT, onun Minsk qrupu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının tərkib hissəsidir. Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və ATƏT-in Minsk qrupu da o qətnamələri əldə əsas tutmalı, o istiqamətdə işləməlidir. Heç kim tərəf tutmalı deyil. Sözə bir bax: “Danışıqlarda Dağlıq Qarabağ da tərəf kimi iştirak etməlidir”. Dağlıq Qarabağ kimdir, belə bir dövlət və bu dövləti tanıyan varmı ki, həmsədr də danışıqlarda onun tərəf olmasını təklif eləsin?
Yəni biz belə şeylərə fikir verməliyik. Bizim jurnalistimiz də, deputatımız da fikrini daha çox bu məsələlərə yönəltməlidir. Yoxsa işimizi-gücümüzü buraxmışıq, ara söhbətlərlə məşğuluq. Bu ondan yazır, o bundan yazır. Ayıbdır, bizim böyük məsələlərimiz var, bu məsələlərlə məşğul olmaq lazımdır.
Hərdən mətbuatı gözdən keçirəndə adamın özündən utanmağı gəlir. Düşünürsən ki, axı, bu mənim millətimdir, niyə belə yazılar olmalıdır. Niyə insanlar bir-birinin ayağının altını qazıyırlar, niyə bunlarda bir-birinə belə nifrət yaranır? Bizim mətbuatı normal təhlil eləsək, görərik ki, orada ürəkaçan bir şey yoxdur, analitik yazılar, insani münasibət, səviyyəli araşdırma, səviyyəli təklif yox, oxumalı bir şey yoxdur. Hamısı dedi-qodu, şər, bir-birinə sataşmaq və sair. Bəsdir, bunlara son qoymaq lazımdır. Bizim yüz dərd-sərimiz var. Dünya-aləm qarışıb bir-birinə, hər şeydə diqqətli olmalı, hər sözümüzə fikir verməliyik. Mən çox dərinə getmək istəmirəm. Yəqin mənin fikrimi başa düşdünüz.
Mən təklif edirəm ki, bununla da müzakirələri bitirək və gündəliyin müzakirəsinə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı. Gündəliyin birinci məsələsinə keçirik. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi. Buyurun, hörmətli Valeh müəllim.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! 2009-cu il iyunun 10-da Berlin şəhərində imzalanmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/123 saylı 2014-cü il 11 aprel tarixli məktubu ilə Milli Məclisə təsdiq olunmaq üçün təqdim edilib. Nizamnaməyə Azərbaycan Respublikasının müvafiq bəyanatı əlavə edilmişdir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi 2009-cu ilin yanvar ayında Almaniya hökumətinin təşəbbüsü, İspaniya və Danimarka hökumətlərinin dəstəyi nəticəsində təsis edilmişdir. İndiyədək bu nizamnaməni 160-dan çox dövlət imzalamışdır ki, onlardan da 130-u artıq agentliyin üzvləridir.
Bu sahənin dayanıqlı inkişafına xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinə qoşulması təbiidir və əminəm ki, dəstəklənməlidir. Azərbaycan hökuməti tərəfindən artıq imzalanmış ən yüksək beynəlxalq qanunvericilik və hüquq normalarına, standartlarına cavab verən, tərəf dövlətlərin suverenliyini, hüquqlarını heç bir şəkildə məhdudlaşdırmayan nizamnaməni və müvafiq qanun layihəsini yəqin ki, təsdiq etməliyik. Əminəm ki, nizamnamənin mətni ilə tanış olan hər bir kəs mənim bu fikrimlə razılaşar. Bu səbəbdən də yəqin ki, geniş təqdimata ehtiyac yoxdur.
Ancaq nizamnamənin mahiyyətini əks etdirən bəzi məqamları icazənizlə diqqətinizə çatdırmalıyam. Nizamnaməyə qoşulan və agentliyin üzvü olan tərəflərin əsas məqsədləri aşağıdakılardır: davamlı inkişafın təmin edilməs və mövcud problemlərin yüngülləşdirilməsi üçün bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək; atmosferdə istixana effekti yaradan qazların miqdarının azaldılmasında mühüm rol oynayan bərpa olunan enerji mənbələrindən istifadə etməklə iqlim sisteminin sabitləşməsinə yardım göstərmək; enerji təhlükəsizliyi və qeyri-sabit enerji qiymətləri ilə bağlı problemlərin həlli, davamlı iqtisadi artımın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması baxımından bərpa olunan enerji texnologiyalarının imkanlarından səmərəli istifadə etmək; təcrid olunmuş və ucqar rayonlar üçün enerji mənbələrinə çıxışı əldə etmək baxımından bərpa olunan enerji potensialından istifadə etmək; mədən yanacaqlarından və ənənəvi biokütlədən qeyri-səmərəli istifadənin ətraf mühitə, insanların sağlamlığına vura biləcəyi ciddi mənfi təsirləri azaltmaq və mümkün dərəcədə qarşılamaq; bərpa olunan enerjidən istifadəni təşviq etmək, dəstəkləmək və bu sahədə tərəflər arasında əməkdaşlığı genişləndirmək və sairə.
Bərpa olunan enerji mənbələri deyəndə nizamnamənin 3-cü maddəsində göstərilən aşağıdakı mənbələr nəzərdə tutulur: bioenerji, geotermal enerji, hidroenerji, qabarma, dalğa, okean istilik enerjisi də daxil olmaqla okean enerjisi, günəş enerjisi, külək enerjisi.
Təbii ki, nizamnamədə tərəflərin vəzifələri, öhdəlikləri, münasibətlərin tənzimlənməsi qaydaları, agentliyin fəaliyyətini əhatə edən təşkilati və başqa məsələlər geniş şəkildə öz əksini tapıb.
Hər zaman olduğu kimi, nizamnamə Azərbaycan tərəfindən əlavə edilmiş bəyanatla imzalanıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş əraziləri (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu) işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək bu Nizamnamə çərçivəsində Ermənistan Respublikası ilə əməkdaşlıq etməyəcəkdir.” Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi bəyanata əlavə olunmuşdur.
2012–2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət strategiyası çərçivəsində həyata keçiriləcək proqramı nəzərə alsaq Azərbaycanın bu nizamnaməyə qatılması bizim üçün yeni imkanlar açır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sahədə qarşıya qoyulan məqsədlərlə bağlı aprelin 25-də 112 və 113 nömrəli iki qərar qəbul edib. Bu qərarlardan biri ilə alternativ və bərpa olunan enerji mənbələri üçün idxal edilən qurğular, texnologiyalar və sair 10 il müddətinə gömrük rüsumlarından, ikinci qərarla isə bu sahədə aparılan işlər və idxal prosedurları 10 il müddətinə əlavə dəyər vergisindən azad edilir. May ayının sonunda qüvvəyə minəcək bu qərarlar da Azərbaycan Respublikasının bu sahədə aparılan işlərə nə qədər böyük əhəmiyyət verdiyini göstərir.
Mən əminəm ki, bunların hamısını nəzərə alaraq siz nizamnamə və qanun layihəsin dəstəkləyib qəbul edəcəksiniz. Təşəkkür edirəm. Suallarınız olsa, cavab verməyə hazıram.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun. Ümumiyyətlə, belə bir agentliyin yaradılması çox vacibdir. Çünki dünyada bərpa olunan enerjiyə diqqət həddən artıq çoxdur və Azərbaycan da buna çoxdan başlayıb. Hətta Sumqayıtda belə bir zavod da fəaliyyət göstərir.
Valeh müəllim, bu nizamnamə 2009-cu ildə imzalanıb. Həmin tarixdən ötən 5 il müddətində nə mane olub ki, biz bunu təsdiq etməmişik, indi təsdiq edirik?
Nizamnamənin 4-cü maddəsinin “c” bəndində “siyasət məsləhətləri” ifadəsi var. Siyasət məsləhətləri nə olan şeydir? Bu sırf iqtisadi qurumdur, iqtisadi qurum siyasət məsləhətlərimi verəcək?
Bayaq Siz qeyd etdiniz ki, Nazirlər Kabineti qərar qəbul edərək bərpa olunan enerji mənbələri ilə əlaqədar gətirilən avadanlıqları vergidən azad edib. Amma bu avadanlıqlar arasında günəş batareyaları da var. Azərbaycan özü artıq günəş batareyalarını bir neçə ildir ki, Sumqayıtda istehsal edir. Bu batareyaların xaricdən gətirilməsi sabah o zavodun dayanmasına səbəb olmayacaqmı? Nəyə görə günəş bata-reyalarını da ora salıblar, mən başa düşmədim. Sağ olun.
V.Ələsgərov. Nəyə görə Azərbaycan 5 ildən sonra buna qatılıbdır. Azərbaycanın 10 ildən, 11 ildən sonra qoşulduğu konvensiyalar, beynəlxalq sənədlər var. Yəqin ki, bunun üçün zaman lazımdır. Müvafiq agentlik bu yaxınlarda yaradılıbdır. Bu agentlik yaradılandan sonra Azərbaycanın bu sahədə apardığı işlər genişləndikcə, beynəlxalq əməkdaşlığa ehtiyac artdıqca yəqin ki, bu nizamnaməyə qoşulmaq, bu agentliyin üzvü olmaq ehtiyacı yaranıbdır. Başqa bir səbəb yoxdur. Yeganə səbəb budur.
Siyasət məsələləri dedikdə ancaq bərpa olunan enerji sahəsində aparılan siyasət nəzərdə tutulur. Mətni diqqətlə oxusanız görərsiniz ki, burada tərəflərin suverenliyinə, daxili və xarici siyasətinə hər hansı bir şəkildə toxuna biləcək bir müddəa yoxdur. Ancaq bu sahədə aparılan siyasətdən söhbət gedə bilər.
Üçüncü sualınıza gəlincə deməliyəm ki, qərarda hər kəs yox, ancaq xüsusi səlahiyyətləri olan qurumlar əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir. Bunun səbəbi nədir? Azərbaycanda bu panellərdən istifadə olunur. Ancaq texnologiyalar inkişaf edir və xaricdə artıq daha səmərəli yeni panellər istehsal olunur. Yəni bunun ancaq bir variantı var. Gözləyəsən, bunun istehsalı Azərbaycanda da yaradılsın və 2–3 il paralel istehsalını yaradaraq həm də idxal edəsən. Qərarda o səbəbdən bu şəkildə göstərilib. Bu iki sənədin üzərində çox uzun müddət iş gedibdir. Bayaq adını çəkdiyim 2012–2020-ci illər üçün dövlət strategiyası üzərində də uzun müddət ciddi iş aparılıbdır. Yən bu işlərin səmərəli aparılmasını təmin edən hərtərəfli düşünülmüş, dəqiqləşdirilmiş sənədlər hazırlanıb. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fərəc müəllim, hamı səs verəndə Sizdən səs çıxmadı. Səsvermədən sonra əlinizi qaldırırsınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ora səndən başqa 4 nəfər də yazılmışdı. Dedilər ki, səsə qoyaq, hamı da razılaşdı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əlini qaldır de də, əlini qaldır de ki, sözüm var. Vahid müəllim dedi, söz verdik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səmərəli təklifi yazılı şəkildə verərsən, baxarıq.
Hörmətli millət vəkilləri, indi ağlıma bir fikir gəldi. Bilirsiniz ki, ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyası Azərbaycanda keçiriləcək. Mən təklif edirəm, Minsk qrupunun hesabatını ATƏT-in Parlament Assambleyasının iclasının gündəliyinə salmaq üçün müraciət edək. Əgər mümkün olsa, bu məsələ gündəliyə salına bilər. Mümkün olmasa, gələn iclasın gündəliyə salınar. (Alqışlar.)
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim, əgər mümkün olsa, bu iclasın gündəliyinə salınar. Çünki gündəlik artıq təsdiq olunub. Mümkün olmasa, gələn iclasların gündəliyinə daxil edilər. Yadınızdadırsa, biz 2011-ci ildə belə bir təşəbbüslə çıxış etmişdik. Hər üç həmsədr ATƏT-in Parlament Assambleyasının sessiyasında çıxış etdi, hesabat verdi. Biz də fikirlərimizi söylədik. Az-çox nəticələr oldu. Yəni belə hesabatların olması yalnız xeyrimizədir. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Gündəliyin ikinci məsələsi. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolun təsdiq edilməsi barədə. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisə təsdiq edilməsi üçün göndərilən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəs haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokol sizə təqdim olunur. Azərbaycan dövləti insan hüquqlarının təminatını özünün ali məqsədi kimi Konstitusiyada təsbit etmiş və beynəlxalq hüquq prinsiplərinin prioritetini xüsusi olaraq vurğulamışdır.
İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi Azərbaycanda hüquqi dövlət quruculuğunun strateji prioriteti sayılan məsələlərdəndir. Ölkəmizin beynəlxalq hüquq məkanına inteqrasiyası intensiv surətdə davam edir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən mühüm konvensiya və sazişlərin böyük əksəriyyəti ratifikasiya edilmişdir və bu, dövlətimizin Avropa hüquq məkanında təmsil olunma imkanını genişləndirir.
Bu baxımdan 2001-ci ilin dekabrında Milli Məclis tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı protokollarının təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb etmiş, bu sənədi və protokolları təsdiq etməklə dövlətimiz insan hüquqlarının qorunması sahəsində beynəlxalq standartlara sadiqliyini bir daha sübut etmişdir.
Müstəqillik illəri ölkəmizdə vətəndaş cəmiyyəti və demokratiyanın formalaşması üçün suveren dövlətin insan hüquqları sahəsində təməl qanunlarının hazırlanması illəri olmuşdur. 1998-ci ildə ulu öndərin insan hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar imzaladığı fərman, 2006-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı insan hüquq və azadlıqlarının qorunmasına dair milli fəaliyyət planı, 2011-ci ildə imzalanmış milli fəaliyyət proqramı insan hüquqlarının qorunmasının ən vacib sahə olduğunu bir daha təsdiq etdi.
Bu illər ərzində bu sahədə ciddi hüquqi baza yaranmışdır. Qanunvericilik yaradıcı prosesdir. Hazırkı dövr üçün dünyada baş verən proseslərlə əlaqədar olaraq qlobal hüquq məkanına inteqrasiya, beynəlxalq hüquqi sənədlərin milli məkana implementasiyası prosesinin sürətlənməsi bir zərurətə çevrilmişdir. Beynəlxalq təşkilatların fəaliyyətində zərurətə çevrilən islahatlar da yeni dövrün çağırışlarına bir cavabdır.
Bu baxımdan bu gün sizə təqdim olunan 15 nömrəli Protokol Avropa Məhkəməsinin iş prinsiplərinə edilən dəyişiklikləri nəzərdə tutur. Nəzərinizə çatdırım ki, 2012-ci ildə keçirilən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair yüksək səviyyəli Brayton konfransında Konvensiyanı imzalamış yüksək tərəflər birmənalı olaraq qeyd etdilər ki, Avropa Məhkəməsi qarşısında duran ən böyük problem məhkəmənin səmərəliliyini artırmaqdır. Konfransda qeyd olundu ki, səmərəliliyi artırmaq və icraatda olan açıq-aşkar qeyri-məqbul şikayətlərin sayını azaltmaq üçün 14 nömrəli Protokol tam potensialı ilə istifadə edilmir. Buna görə Konvensiyanın mexanizminin səmərəliliyini artırmaq, Avropada yaşayan 800 milyondan artıq əhalinin hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var.
15-ci Protokolun gündəmə gəlməsi məhz bu narahatçılığın nəticəsidir. Bir neçə il öncə təsdiq etdiyimiz 14-cü Protokol da məhz bu məsələni əks etdirirdi. Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayı getdikcə artmaqda davam edir. 2012-ci ildə daxil olan şikayətlərin sayı 160 min, 2013-cü ildə 130 min idi. Bugünkü məlumata görə 2014-cü ildə bu rəqəm 100 mindir. Ancaq təşkilatın qarşısında duran əsas məsələ Avropa Məhkəməsinin nüfuzunu xilas etmək, bu yükün azaldılmasına yönəlik addımlar atmaqdır. Protokolun hər maddəsi Konvensiyaya daxil olaraq onun tərkibini genişləndirir və inanırıq ki, 15-ci Protokolda olan müddəalar da Avropa Konvensiyasının mahiyyətini zənginləşdirməyə xidmət edəcək.
İlk olaraq 1-ci maddədəki müddəaları nəzərinizə çatdırmaq istərdim. Bu müddəalara əsasən subsidiarlıq prinsipinin, yəni problemin təşkilati və hüquqi prinsiplər əsasında ən aşağı səviyyədə effektiv həllinə nail olmaq prinsipinin əsas məsuliyyəti Protokola əsasən dövlətlərin üzərinə düşür. Protokol yerli məhkəmələrin məsuliyyətinin artırılması zərurətini dəfələrlə qeyd edir. Müxtəlif səviyyəli qurumlar, regional, universal məhkəmələr yaransa da, məsuliyyət yenə yerli məhkəmələrin üzərinə düşməlidir. Çünki milli dövlət orqanları prinsipcə yerli zərurəti və şəraiti dəyərləndirməkdə beynəlxalq məhkəmələrdən daha yaxşı mövqeyə malikdir. Məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz.
Dövlətin məsuliyyəti artdıqca, insan hüquqlarının müdafiəsi genişləndikcə, Avropa Konvensiyasına tam cavab verən qanunvericilik və hüquqi sistem formalaşdıqca, problemlər yerli səviyyədə öz həllini tapdıqca Avropa Məhkəməsinə gedən şikayətlərin sayı da azalacaq. Lakin bu o demək deyil ki, Avropa Məhkəməsi bütün məsuliyyəti öz çiynindən atır. Mülahizə sərbəstliyinin Avropa Məhkəməsinin nəzarət yurisdiksiyası altında olması milli dövlətin qərarının Avropa Məhkəməsi tərəfindən qiymətləndirilməsinə şərait yaradır.
15-ci Protokolda qeyd olunan digər məsələ məhkəmənin tərkibinin sabitliyini, Avropa Məhkəməsində yüksək ixtisaslı hakimlərin 9 il ərzində işləməsini təmin etmək üçün nəzərdə tutulub. 14-cü Protokola əsasən hakimlər 10, 15 və yaxud 25 il deyil, yalnız 9 il hakim ola bilərlər. 15-ci Protokola görə seçim zamanı həmin hakimlərin yaşı 65-dən çox olmamalıdır. Çünki növbəti 9 ili də onun üstünə gələndə son hədd 74 il olur.
Digər vacib məsələ. Əvvəllər nəzərdə tutulurdu ki, Avropa Məhkəməsi iş üzrə son məhkəmə qərarının çıxarıldığı tarixdən 6 ay keçənədək işə baxa bilər. İndi bu vaxt 4 aya endirilib.
Beləliklə, sizə təqdim olunan 15-ci Protokol Avropa Konvensiyasının 19-cu maddəsindən başlayaraq Avropa Məhkəməsinın səlahiyyətlərini əks etdirən müddəaların daha da zənginləşdirilməsinə xidmət edən kifayət qədər vacib bir sənəddir. Bu sənədin sonradan Avropa Konvensiyasının tərkibinə keçməsi əmin olmağa əsas verir ki, o, Azərbaycan dövlətinin üçpilləli məhkəmə sisteminin işinin səmərəliliyinin artırılması üçün çox önəmli bir sənəd olacaq. Mən hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə öz münasibətlərini bildirsinlər.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Azərbaycan ötən illər ərzində insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm beynəlxalq konvensiyalar, sənədlər qəbul edibdir. Bu özü onun sübutudur ki, ölkəmiz Avropa dəyərləri ilə yaşamaqda maraqlıdır, onu könüllü seçib və bu illər ərzində onun reallaşdırılması üçün çox böyük işlər həyata keçiribdir. Lakin mən indi burada qeyd olunduğu kimi, Azərbaycanın məhkəmə orqanlarının və ya digər dövlət təsisatlarının üzərinə qoyulan hansısa vəzifələrdən deyil, indiki halda elə o beynəlxalq qurumların insan hüquq və azadlıqlarına birbaşa aid olan öhdəliyindən danışmaq istəyirəm.
Hörmətli Bahar xanım, 2013-cü ilin məlum 28–29 noyabr Vilnüs Sammitində Azərbaycan və Avropa arasında vizaların sadələşdirilməsi ilə bağlı saziş imzalandı. Fevralın 14-də parlament həmin sənədi ratifikasiya etdi. Martın 7-də ölkə rəhbəri həmin sənədi imzaladı və o, artıq Azərbaycanın hüquq sisteminin tərkib elementinə çevrildi.
Bunun üstündən artıq 2 aya yaxın bir vaxt keçibdir. Mən Azərbaycan parlament üzvlərinin fəaliyyətini vestibüldən haqlı olaraq izləyən media nümayəndələrinə çağırış edirəm, Qərb ölkələrinin səfirliklərinə müraciət etsinlər. Bu dövr ərzində bu viza sadələşdirilməsindən əhalinin müxtəlif kateqoriyalarının birillik viza müddətindən tutmuş o rüsumun azaldılması, diplomatik və xidməti pasport daşıyıcılarının işlərinin yüngülləşdirilməsi və sair kimi gözləntiləri vardır. Bu dövr ərzində hər hansı yüngülləşmə varmı? Qəti şəkildə deyərdim, xeyr. Siz orada çoxlu növbələri, insanların zaman itkilərini və çoxlu rəsmiyyətçilik görəcəksiniz.
Avropa Birliyi niyə öz öhdəliyini yerinə yetirmir? Bahar xanım, Siz bilirsiniz, həmin sənədin adı “Yaxın qonşuluq siyasəti”dir. Avropa 6 ölkəni özünə qonşu seçmək, bir az da yaxın tərəfdaşa çevirmək istəyirdi. Mən demirəm, bu Marşal planıdır, Rusiyanın əleyhinə yönəlmişdir. Amma qonşu qonşunu beləmi qapıda saxlayar? Mən bunu insan hüquq və azadlıqlarımıza çox böyük zərbə hesab edirəm. Düşünürəm ki, əslində, həmin qurumlar öhdəliklərini yerinə yetirməməklə Azərbaycan insanına başqa imkanlar tanıyırlar. Elə bu gün konfrontasiyada olduqları Rusiyaya biz vizasız gedib-gəlirik. Biz Avropa Birliyi ölkələrindən eyni vəziyyəti tələb etmirik ki.
Sovet dövründə, hörmətli Bahar xanım, bir məşhur inqilabçı olub – Mirbəşir Qasımov. Tarixdə elə onun özü kimi çox məşhur bir ifadəsi qalıb. O vaxt rus bolşeviklərinə müraciət etmişdi ki, “Biz sizə neft kaçay-kaçay, siz də bizə inqilab”. İndi bu Avropa qurumları, təşkilatları, deyəsən, Azərbaycanı elə ancaq neft anbarı, qaz resurs ölkəsi kimi görürlər. Bizim neft və qaz onlar üçün əziz ola bilər, amma insanlar yox? Axı bu adamlar, doğrudan da, avropalı olmaq, Avropa dəyərlərini daha yaxından görmək istəyirlər. Ona görə də mən onlara çağırış edirəm ki, öz öhdəliklərini yerinə yetirsinlər. Çox təşəkkür edirəm, Bahar xanım, mənə bu sözləri söyləməyə imkan verdiyinizə görə.
Düşünürəm ki, baxın, elə buna davam olaraq kiməsə lazım gələndə “Fəxri legion” ordenini verir, iki saatın içində ona viza tanıyıb, 5 illik dövrdə ona yaşamaq hüququ verib, diplomatik toxunulmazlıq immuniteti olmadığı halda onu hava limanına qədər ötürə bilirlər və əslində, cinayətdən yayındırmaq üçün bunu həyata keçirirlər. Amma Azərbaycan insanı bu gün o viza növbələrində zülm çəkir.
Toxunmaq istədiyim başqa bir məsələ parlamentin obrazı ilə bağlıdır. Hörmətli cənab Sədr bununla bağlı çox dəyərli fikirlər söylədi. Elə hesab edirəm ki, parlamentin həqiqi obrazı cəmiyyətə çıxarıla bilmir. Medianın burada özünün işləmə prinsipləri var. Buradan onlara göstəriş vermək olmaz. Amma bu illər ərzində parlamentin ayrıca televiziyasını yaratmaq mümkün olmadısa, bu qədər mühüm kanallarla, heç olmasa, bizim buradakı parlament xronikasının bir həftəyə yox, gecikdirmə ilə yox, müəyyən bir saatda cəmiyyətə çıxarılmasına biz çalışmalıyıq.
O ki qaldı xalqın diplomatiyasına, ümumiyyətlə, rəsmi dövlət danışıqlarından, Ermənistanla dialoqlardan kənar, xalqın adından kiminsə gedib o danışıqlarda iştirak etməsi yolverilməzdir və bu, qanunla qadağan olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hesab edirəm ki, dəyərli sədarət də mənimlə eyni fikirdədir ki, bura notariat kontoru deyil və biz yalnız qanunları təsdiq etməli deyilik, həm də onların haqqında fikir bildirməliyik. Mən əvvəlki məsələdə Sarkisyanın son vaxtlar verdiyi bir bəyanatla bağlı fikrimi bildirmək istəyirdim. Amma...
Sədrlik edən. Fərəc müəllim, üzr istəyirəm, tamamilə düz deyirsiniz, bura qanunverici orqandır və biz də konkret məsələləri müzakirə edirik. Sizin danışdığınız məsələ üçün yarım saat vaxt verilib və o vaxt artıq bitib. Əgər biz indi mətbuata deyiləsi sözləri burada desək, bəs bu gündəliklə nə vaxt məşğul olacağıq? Xahiş edirəm, gündəlik üzrə, konkret müzakirə olunan məsələ üzrə. Buyurun.
F.Quliyev. Ziyafət müəllim, hər bir deputatın istədiyi fikri demək hüququ var və onun sözünü heç kim kəsə bilməz. Sizinlə bizim də heç bir fərqimiz yoxdur, səlahiyyətlərimiz də eynidir. Siz burada yalnız söz verirsiniz.
Mən bildirmək istəyirəm ki, insan hüquqları ilə bağlı deyəcəyim məsələni əvvəl də deyə bilərdim. Söhbət ondan gedir ki, Ermənistan prezidenti Sarkisyan Azərbaycanın gölü olan Göycə gölünün suyunun Azərbaycana verilməməsi ilə bağlı sərsəm bir bəyanat veribdir. Mən birinci məsələnin müzakirəsində demək istəyirdim ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiqi ilə bağlı bizim əlimizdə çox yaxşı bir şans var. Biz o nizamnaməyə onsuz da bəyanat əlavə etmişik. O bəyanata ya əlavə edək, ya da Agentliyin əsas orqanı olan Assambleyada məsələ qaldıraq ki, Ermənistan tərəfi ilə nəinki əməkdaşlıq etmək mümkün deyil, onlar bərpa olunan enerji ilə, əsasən, su ilə bağlı məsələlərdə, – işğal etdikləri Dağlıq Qarabağ və ətraf ərazilərdə bütün dağ çayları əllərindədir, imkan vermirlər, – şirin su məsələsində problemlər yaradır, indidən bizi Göycə gölünün suyu ilə bağlı təhdid edirlər. Biz onu bura sala bilərik.
O nizamnamədə iqlimin dağıdılması ilə bağlı bir müddəa da vardır. Deməli, üstəlik biz burada göstərə bilərik ki, bunlar Azərbaycan meşələrini dağıdırlar. Nə əməkdaşlıqdan söhbət gedə bilər? İndidən Ermənistan bizi bu göllə bağlı təhdid edirsə, işğal etdiyi ərazidə olan çaylarımızı, sularımızı əlində saxlayırsa, biz alternativ su mənbələrindən istifadə etmək imkanlarını itirəcəyik. Mən bunu demək istəyirdim. Bu pisdirmi? Biz bu məsələni ya bəyanata əlavə etməliyik, ya da ki, o Assambleyada qaldırmalıyıq.
Amma insan hüquqları ilə bağlı ikinci məsələ barədə danışmaq lazımdırsa, deməliyəm ki, elə bu məsələnin özü də insan hüquqları ilə bağlıdır. Yəni insanların hüququdur ki, təbii resurslardan istifadə etsinlər. Azərbaycan insanlarını, Naxçıvanda yaşayan və yaxud Göycə gölünə axan sulardan istifadə edən insanları indidən Sarkisyan bununla təhdid edirsə, bizim buna münasibətimiz olmalıdır.
Mən xahiş edirəm, məsələ ilə bağlı danışanda, – burada ayda iki dəfə iclas olur, – deputatların fikir deməsinə şərait yaradılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Rəbiyyət xanımın təqdimatına çox müsbət yanaşıram, qanun layihəsi yüksək səviyyədə təqdim olundu.
Mən xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan parlamenti insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq səviyyəli konvensiyaları burada birmənalı şəkildə müdafiə edib, ratifikasiya edibdir və bu sənədlər Azərbaycanda hüquqi qüvvəyə malikdir. Bununla bərabər, istər ulu öndərimiz Heydər Əliyevin zamanında, istərsə də cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində bütün addımlar atılıbdır. Lakin bu gün insan hüquq və azadlıqlarını inhisara alan Avropa və onun beynəlxalq təşkilatlar səviyyəsində fəaliyyət göstərən müvafiq qurumları insan hüquq və azadlıqlarından bizə qarşı universal bir silah kimi istifadə etməyə çalışır.
Mən sual vermək istəyirəm, 1 milyona yaxın Azərbaycan vətəndaşının və qondarma bir ölkə olan Ermənistandan, yəni öz vətənlərindən, yurdlarından qovulmuş, bütün hüquqlarından məhrum edilmiş soydaşlarımızın şikayətləri nədən Avropa Məhkəməsinə çıxarılmır, nədən bu insanların hüquq və azadlıqları geniş müzakirə edilib təmin olunmur, ancaq Azərbaycanın öz dövlət maraqlarını, ölkədə sabitliyi qorumaq üçün atdığı addımlar Avropa tərəfindən birmənalı şəkildə düzgün qiymətləndirilmək əvəzinə insan hüquq və azadlıqlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur? Məni narahat edən budur.
Ona görə mən onlara çağırış etmək istəyirəm. Sizin ölkənizdə şəhərə çıxıb radikal addımlar atan, sabitliyi pozan insanlar atın ayaqları altında əziləndə necə olur ki, onların hüquqları pozulmur, ancaq Azərbaycanda dövlət maraqları ilə bağlı hər hansı bir addım atılanda dərhal insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı böyük bir orkestr hərəkətə gəlir?
Son vaxtlar müxtəlif beynəlxalq təşkilatlar və ölkələr Azərbaycana xəyanət edən Leyla Yunusun müdafiəsinə qalxıb. Mən sual vermək istəyirəm, Fransanın, Amerika Birləşmiş Ştatlarının diplomatik nümayəndələr istintaqdan yayınan bir insanı hansı haqla, hansı protokola uyğun olaraq himayə edib ona dərhal 5 illik viza verir və hava limanına qədər müşayiət edirlər? Budurmu Avropada insan hüquq və azadlıqlarını müdafiə edən insanların siması?
İnsan hüquq və azadlıqları Avropanın inhisarına çevrilməli deyil. Bu ümumbəşəri dəyərdir. Yaponiya, Cənubi Koreya Avropa deyil. Məgər onlarda insan hüquq və azadlıqları Avropadakından da yüksək səviyyədə qorunmurmu? Ona görə də mən çağırış edərək demək istəyirəm ki, əgər insan hüquq və azadlıqları, doğrudan da, sizin üçün bu qədər əzizdirsə, onda buyurun, – ATƏT-in Minsk qrupu sizin himayənizdədir, – Ermənistanın işğalçı siyasətinə son qoyun və 1 milyona yaxın insanın hüquq və azadlıqlarını təmin etməkdə lütfən bir addım atın, nüfuzunuzu və missiyanızı bütün bəşəriyyətə nümayiş etdirin. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu Protokolun təsdiq olunmasına tərəfdaram. Doğrudan da, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir dövlət üçün vacib şərtlərdən biridir. Burada bizim əsas istiqamətimiz Avropa məhkəmələri ilə bağlı məsələ olduğuna görə mən bir neçə xüsusda bu məsələyə toxunmaq istəyirəm.
Mən, ümumiyyətlə, Avropa məhkəmələrinin fəaliyyətini izləyirəm. Bizə qədər Avropa məhkəmələrinə ən çox Türkiyədən müraciət olunurdu. Yən il ərzində 7 min, 7 mindən bir az yuxarı müraciət daxil olurdu. Lakin Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra biz onları da keçdik. Çünki bizdə istənilən vətəndaş bir hadisə baş verən kimi əgər rayon məhkəməsinə müraciət edirsə, müraciətin bir nüsxəsini də Avropa Məhkəməsinə göndərir. Bu adam bilmir ki, iş ancaq bütün instansiyalardan keçdikdən sonra Avropa Məhkəməsinə göndərilə bilər.
Azərbaycandan göndərilib Avropa Məhkəməsində qeydiyyatdan keçən müraciətlərin müəllifləri ilə maraqlansaq görərik ki, onların böyük əksəriyyəti müxtəlif siyasi partiyaların üzvləri, hansısa qeyri-hökumət və yaxud gənclər təşkilatının nümayəndələridir.
1988-ci ildə Ermənistandan qovulmuş, orada evi, yurdu, mülkü əlindən alınmış insanlar da bir neçə il bundan qabaq Avropa Məhkəməsinə müraciət etdilər. Bilirsiniz ki, Avropa Məhkəməsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də mülki hüquqla bağlı müraciətlərin araşdırılmasıdır. Lakin Avropa Məhkəməsində bu insanların müraciətlərini heç qeydiyyata almadılar.
Ancaq Azərbaycanda hər hansı bir jurnalistin və ya hansısa siyasi partiyanın bir üzvünün, yaxud seçkilərdə uduzmuş hansısa bir namizədin müraciət Avropa Məhkəməsində dərhal qəbul edilib icraata götürülür. Baxmayaraq ki, Avropa Məhkəməsində 100 mindən artıq müraciət var. O müraciətlərin içərisində mütləq onlara yer tapılır, onlar müzakirə olunur və mütləq onlarla bağlı qərar qəbul olunub Azərbaycan dövlətinə göndərilir. Lakin bu qərarların hər birinin arxasında marağın, Azərbaycana təsirin olması, Azərbaycanın təbii sərvətlərindən daha böyük mənfəətlə yararlanmaq üçün bu yoldan istifadə edilməsi açıq şəkildə görünür. Hesab edirəm ki, insan hüquqlarını alver predmetinə çevirmək özü məhz elə buradan qidalanır.
Parlamentdə bizim hüquq müdafiə təşkilatlarının nümayəndələri də təmsil olunublar. Onlar yaxşı bilirlər. Vaxtilə həmin Leyla Yunus Azərbaycanda ən müxtəlif cinayətlərə görə məhkum edilib həbsxanalarda cəza çəkən məhbusların valideynlərindən pul alaraq bu insanların siyahısını siyasi məhbus adı altında Avropa məhkəmələrinə və Avropa Şurasına göndərəndə hətta Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatları da buna etiraz edirdilər. Çünki o insanların siyasi məhbus anlayışı ilə heç bir əlaqəsi yox idi. Bu siyahılara Azərbaycanın suverenliyinə, müstəqilliyinə qarşı olan insanların, məsələn, Azərbaycanın ərazi bütövlüyünü parçalayan, Ermənistanda konfranslar keçirən Əlikram Hümbətov kimi cinayətkarların adları da salınmışdı. Azərbaycanda terror aktı həyata keçirib metronu partladan, 30-dan çox günahsız insanın ölümünə bais olan bir cinayətkar da o siyahılarda siyasi məhbus kimi qələmə verilir və göstərilirdi ki, guya o digər bir millətin nümayəndəsi olduğuna görə həbs edilib. Təəssüflər olsun ki, Avropa Məhkəməsi də vaxtının az olmasına baxmayaraq bu məsələlərə çox cidd-cəhdlə, çox həvəslə reaksiya verir və dərhal belə insanlar haqqında qərar qəbul olunur.
Biz insan hüquqlarına sadiqliyimizi nümayiş etdirir, bu Protokolu təsdiq edirik. Amma bunların bu hüquqlara sadiqliyinə gələndə çox böyük şübhələr yaranır, qeyri-şəffaflıq ortaya çıxır.
İkinci bir məsələ. Görün Avropa məhkəmələrinin bizim məhkəmələrə tutduğu əsas irad və qəbul etdiyi qərar nədən ibarətdir. Onlar bizim bəzi məhkəmələrdə prosedur qaydaların pozulması nəticəsində bu prosesi qeyri-obyektiv hesab edirlər. Bunun nəticəsi olaraq da Azərbaycan dövləti Azərbaycan vətəndaşlarının vergilər hesabına topladığı büdcədən həmin insana 15 min, 20 min, 30 min avro təzminat ödəyir. Bir nəfər hakimin düzgün çıxarmadığı qərara görə təzminatı Azərbaycan dövləti öz büdcəsindən ödəməyə vadar olur.
Protokolda göstərilir ki, məsuliyyət yerli məhkəmələrin üzərinə düşməlidir. Mən hesab edirəm ki, hakimin düzgün qərar qəbul etmədiyinə görə təyin olunan təzminat gələcəkdə onun əmək haqqından, əmlakından tutulub ödənilməlidir. Nəyə görə dövlət düzgün qərar verə bilməyən hansısa bir bisavad hakimin səhvinə görə öz büdcəsindən kimlərəsə vəsait ödəsin? O baxımdan biz məsələni bu formada qoymalı və bu cür həll etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, ölkəmizin bu Protokola qoşulması insan haqlarının və əsas azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın atdığı növbəti bir addımdır. Vaxtilə Azərbaycan bu Konvensiyanı ratifikasiya etdi və biz referendum nəticəsində Konstitusiyaya çox ciddi, böyük dəyişikliklər etdik, bütün insan hüquq və azadlıqları Konstitusiyada öz əksini tapdı. Bunun nəticəsi olaraq da milli qanunvericilikdə çox böyük dəyişikliklər edildi.
Biz o Konvensiyaya qoşulmuş ölkələrin siyahısına baxsaq görərik ki, Avropa ölkələrinin bəzilər Konvensiyaya qoşulsalar da onu ratifikasiya etməyiblər və ya ratifikasiya ediblərsə Konvensiyadan irəli gələn tələblərə baxmayaraq milli qanunvericiliyə geniş dəyişikliklər etməyiblər. Amma Azərbaycanla bağlı müəyyən məsələlər ortaya çıxanda ikili mövqedən çıxış edir, Azərbaycana təzyiqlər göstərmək istəyirlər.
Bu gün Azərbaycanda fikir və söz azadlığı var, vicdan azadlığı, dini etiqad azadlığı var. Bu azadlıqlar təyin olunub və insanlara verilib. Amma çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, azadlığı anarxiya kimi başa düşənlər də, bu azadlıqlardan sui-istifadə edənlər də var. Şübhəsiz ki, Azərbaycana müəyyən zərərli ideyaları ixrac edənlər də, onları müxtəlif qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərərək Azərbaycan cəmiyyətinə sırımağa çalışanlar da var.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti dövlət tərəfindən dəstəklənir və onlara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Vətəndaş cəmiyyətinin bu təsisatları insan hüquqlarının daha geniş müzakirəsini təşkil etməyə həvəsləndirilir. Dövlət hətta Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə məşğul olan qeyri-hökumət təşkilatlarına qrantlar da ayırır ki, onlar cəmiyyəti, dövləti narahat edən məsələlərlə bağlı sərbəst araşdırmalar aparsınlar və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya bununla bağlı öz tövsiyələrini versinlər.
Əlbəttə, bunlar hamısı açıq şəkildə həyata keçirilən tədbirlərdir və şəffaflığın tələbləri üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycanda şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə dövlət proqramı qəbul edilib. Bu istiqamətdə geniş islahatlar da aparılıb ki, Azərbaycanda hər bir vətəndaşın hüququ təmin edilsin, harada bir süründürməçilik, bürokratiya varsa, o əngəlliklər aradan qaldırılsın. Biz “ASAN xidmət” misal göstərə bilərik. Bu yaxınlarda xarici ölkələrdə onun təqdimatı da keçirildi və yüksək qarşılandı. Azərbaycan hüquqi dövlət quruculuğunda insan hüquqları və azadlıqlarının öncül məsələ olduğunu bəyan edir və bu siyasət ardıcıl surətdə həyata keçirir.
Avropa Şurasının Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı alt komitə yaradıldı. Azərbaycan tərəfi, millət vəkilləri təkidlə tələb etdilər ki, Ermənistandan və Azərbaycandan olan deputatlar orada millətin nümayəndələri, xalqın səs verib seçdiyi insanlar kimi danışıqlar aparsınlar. Bu, xalq diplomatiyasının yaxşı bir nümunəsi olardı. Amma Ermənistan tərəfinin imtinası və həmsədr ölkələrin buna göz yumması nəticəsində həmin alt komitənin fəaliyyəti iflic oldu. Halbuki biz Avropa Şurasına qoşularkən Ermənistan da öz üzərinə bu məsələnin sülh yolu ilə həllini götürübdür. Nə üçün Ermənistandan bu tələb olunmur? Məgər bu, insan haqları və azadlıqlarının kobud şəkildə pozulması deyilmi?
BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qaldırılanda həmsədr ölkələr nəinki bunu dəstəkləmədilər, əksinə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə layihəsi müzakirə olunanda onun əleyhinə səs verdilər. Azərbaycanda insan haqları onlar tərəfindən necə qorunur ki, Azərbaycan ərazisi işğal olunur, Xocalı soyqırımı həyata keçirilir, amma Azərbaycana qarşı 907-ci düzəliş edilir, Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı göstərilir?
Bu günlərdə Azərbaycan televiziyasında Amerika səfirliyinin bir əməkdaşı Leyla Yunusun saxlanmasına münasibətini bildirərək söylədi ki, bu, xalq diplomatiyasına böyük ziyan gətirəcək. Mən başa düşə bilmirəm, Leyla Yunusa xalq diplomatiyası missiyasını həyata keçirmək tapşırığını kim veribdir. Kim veribsə desin, biz də işimizi bilək.
Vaxtilə Azərbaycan hökumətinin təşəbbüsü ilə, Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirliklərinin birgə iştirakı ilə Azərbaycan və Ermənistan ziyalılarının hər iki ölkəyə qarşılıqlı səfərləri, o cümlədən Dağlıq Qarabağa səfərləri təşkil olunurdu. Bu proses dayandırıldı və işğal olunmuş ərazilərə Suriyadan, Livandan “ASALA” təşkilatına meyll insanlar, 37 min nəfər məskunlaşdırıldı. Məgər bu, xalq diplomatiyasına xidmət edən bir siyasətdir?
Avropa Şurası Parlament Assambleyasının hələ 2002-ci ildə qəbul etdiyi qətnamə var. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərə heç kim köçürülə bilməz. Bu qətnamənin icrasına nə üçün ATƏT-in Minsk qrupu nəzarət etmir? Ora bu insanlar köçürülür və orada yaşamalı olan azərbaycanlıların geriyə qayıtmaq, orada Azərbaycan vətəndaşı olan ermənilərlə yanaşı yaşamaq hüquqları pozulur.
Biz bu gün seçicilərlə görüşəndə hər dəfə bu sualı eşidirik: “Nə vaxta qədər Minsk qrupu həmsədrləri turist kimi səfərlər edəcək və xalqın hissləri ilə oynayacaqlar?” Buna son qoymaq lazımdır. Onlar dövlətimiz, xalqımız qarşısında hesabat verməlidirlər. Xalq nəhayət bilməlidir ki, bu həmsədrlər üzv olduqları beynəlxalq təşkilatların onlara verdikləri mandatlar əsasında nə etmiş, nəyə nail olmuşlar. Nə üçün BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərar və qətnamələr icra olunmur? Bəs onların missiyası nədən ibarətdir? Bax insan haqlarının və əsas azadlıqlarının müdafiəsi istiqamətində atılacaq əsas addımlar bunlar olmalıdır.
Oqtay müəllim, mən hesab edirəm ki, Siz bu gün çox haqlı olaraq o məsələni qaldırdınız. Milli Məclis təkidlə tələb etməlidir ki, ATƏT-in Parlament Assambleyası Minsk qrupu həmsədrlərinin nəinki hesabatını, onların bu işdə olduqca laqeyd münasibətlərini ciddi şəkildə müzakirə etsin. Çünki bizim haqqımız var tələb edək ki, həmsədrlər onlara verilmiş mandatla bağlı nə iş gördüklərini Azərbaycan xalqına çatdırsınlar. Azərbaycan sürətlə inkişaf edən ölkədir, – hamı ondan umur, – Avropanın enerji təhlükəsizliyinin, regionda sülhün və sabitliyin təminatçısı rolunda çıxış edir, bölgənin iqtisadi inkişafına öz böyük töhfələrini verir. Amma eyni zamanda da, haqqı çatır ki, Azərbaycan xalqının tapdanmış hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə hansı addımların atılacağını bilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən həmişə demişəm. Heç vaxt mən millət vəkillərinin sözünü kəsmirəm, ancaq bir də xahiş edirəm. Bilirəm, hamının ürəyi doludur, insan hüquqları məsələsi bizi çox incidir, Minsk qrupunun işi bizi qane eləmir. Bizim ondan daha çox gözləntilərimiz var. Ancaq biz indi başqa məsələni müzakirə edirik. Ona görə xahiş edirəm, mövzudan kənara çıxmayın. Təkid edənlər var? Gövhər xanım, buyurun.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən hesab edirəm ki, hər bir deputatın burada öz fikirlərin ifadə etmək imkanı olmalıdır. Dəfələrlə olur ki, çıxışa yazılırıq, amma bizə vaxt çatmır. Bir neçə deputat yerlərindən “kifayətdir” deyir, müzakirələr qurtarır və deputatlar istədikləri fikirləri burada ifadə edə bilmirlər. Halbuki seçicilər bizim məhz buradan öz fikirlərimizi səsləndirməyimizi istəyirlər.
Bununla bağlı mənim başqa bir sözüm də olacaq. Mən hesab edirəm ki, kütləvi informasiya vasitələrində, ilk növbədə televiziyalarda parlamentin fəaliyyət lazımınca işıqlandırılmır, deputatların burada nə danışdıqları, nə təklif etdikləri kifayət qədər əksini tapmır. Həftədə bir dəfə Azərbaycan televiziyasında yarım saat və ya 40 dəqiqə, nadir hallarda bir saat parlamentin iclasları verilir. Bu isə buradakı bütün çıxışları əhatə etməyə kifayət eləmir.
Kütləvi informasiya vasitələrində bəzən üçüncü, beşinci, onuncu dərəcəli məsələlər, hətta məişət səviyyəsində dedi-qodular, şou-biznesdəki söhbətlər həftələrlə televiziyalarda, saytlarda olur. Amma əsas məsələlər, burada qəbul olunan qanunlar, bu qanunlara edilən dəyişikliklər, onların əsas mahiyyəti çox vaxt kifayət qədər işıqlandırılmır. Ona görə də əhalinin böyük hissəsi bəzən bu dəyişikliklərdən xəbərsiz qalır.
Mən bu 15 nömrəli Protokolun tərəfdarıyam və ona səs verəcəyəm. Amma hesab eləyirəm ki, biz ilk növbədə əhalinin hüquqi maarifləndirilməsi məsələsi ilə ciddi məşğul olmalıyıq. Burada çox vacib qanunlar qəbul olunur, qanunvericilik təkmilləşdirilir. Azərbaycanda böyük dəyişikliklər baş verir. Həyatımızın bütün sahələrində islahatlar həyata keçirilir. Qanunvericilik cəmiyyətdə yeni yaranan iqtisadi, siyasi, ictimai münasibətlərə uyğunlaşdırılır. Amma çox təəssüf ki, əhalinin böyük hissəsi həmin o yeni qəbul olunan qanunlardan kifayət qədər məlumatlı olmur.
Mən təklif edərdim ki, televiziyalarda hüquqi maarifləndirmə verilişləri olsun. Bizim qəbul elədiyimiz qanunların mahiyyəti insanlara sadə dildə, onların başa düşdükləri dildə izah olunsun. Mən hesab edirəm ki, yüksək səviyyəli peşəkar jurnalistlər istisna olmaqla bugünkü Azərbaycan jurnalistikası əsasən aşağı səviyyədədir. Analitik təhlil aparmaq bacarığına, demək olar ki, çox az jurnalist malikdir. Bəzən dedi-qoduya çox fikir verirlər. Bəzən qeyd elədiyim kimi, heç də əsası olmayan məsələlər saytlarda günlərlə müzakirə olunur, amma əsas məsələlər diqqətdən kənarda qalır.
Hesab edirəm ki, bax bu istiqamətdə də iş aparılmalı, jurnalistlərin peşəkarlıq səviyyəsi artırılmalıdır. Bəlkə onlar üçün xüsusi ixtisas kursları keçirilməlidir. Hər əlinə qələm alan insan jurnalist ola bilməz. Bu gün Azərbaycanda peşəkar jurnalist, mən deyərdim ki, azdır. Biz onları qorumalıyıq, onlar öz təcrübələrin digər jurnalist həmkarları ilə həmişə bölüşməlidirlər. Bu istiqamətdə bizdə güclü iş getməlidir. Mən bunu demək istəyirdim. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gövhər xanım, Siz çıxışınıza iradla başladınız. Ancaq Milli Məclis kollektiv orqandır. Təklif edirlər ki, səsvermə olsun. Mən sizdən soruşuram: “Təkid eləyən var?” Varsa, söz veririk. Hələ indiyə qədər olmayıb ki, təkid eləyən olsun, söz verməyək. Bu birinci məsələ. İkinci, bizim parlamentdə indi bir növ dəb düşüb. Bəziləri çıxış üçün söz alıb deyirlər ki, mən deputatam, burada istədiyimi danışa bilərəm. İstədiyini danışmaq üçün yarım saatlıq müzakirə vaxtı var. Kim istəyir, danışa bilər. Yoxsa gündəlikdəki məsələlər müzakirəyə çıxarılır, gündəlik qalır bir tərəfdə, biz başlayırıq hər şeydən danışmağa. Əgər biz ind gündəliyi kənara qoyub hərəmiz bir 10 dəqiqə danışsaq, o biri məsələlərə vaxt çatmayacaq. İstəyirsiniz, bir gün əlavə vaxt təyin edək, müzakirələri yarım saat yox, bir saat edək, sözlərinizi deyin. Yəni hər şeyin qaydası var. Əli Hüseynlinin sualı var. Buyursun. Bununla da bitirək.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Əslində, təklifdir və birbaşa Konvensiya ilə bağlıdır. Hörmətli millət vəkilləri, biz bu gün 15 saylı Protokolu ratifikasiya edəcəyik. Bundan əvvəl 14 saylı Protokol olmuşdu. Amma hörmətli həmkarlar, bu Konvensiyanın vacib protokollarından biri, 13 saylı Protokol burada ratifikasiya olunmayıb, biz ona qoşulmamışıq. 13 saylı Protokol müharibə şəraitində belə ölüm cəzasının ləğvini nəzərdə tutan protokoldur. Mən hesab edirəm ki, ölkəmizin indiki dövlətçiliyinin və müdafiə vəziyyətinin qüdrətli olduğu bir zamanda biz bu Protokola qoşulmağın mümkünlüyü məsələsinin müzakirələrinə başlamalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Gündəliyin 3-cü məsələsi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli həmkarlar! Bildiyiniz kimi, 2013-cü ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun qəbul olunmuşdu. Bu qanunun qəbulu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması” adlı 68-5-ci maddəsinə texniki bir düzəliş təklif olunur. Səs verib qəbul etməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Mənim, sadəcə, bir təklifim var, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişiklik, əslində, genetik modifikasiya olunmuş məhsulların ölkəmizə gətirilməsin qadağan edən bir təşəbbüsdür və yüksək qiymətləndirilməlidir. Adı çəkilən maddədə deyilir ki, bu işlə məşğul olan fiziki şəxslər, vəzifəli şəxslər, hüquqi şəxslər cəzalandırılırlar. Lakin burada buna şərait yaradanlar haqqında heç bir müddəa yoxdur. Siz mənimlə razılaşarsınız ki, bu gün Azərbaycanın marketlərində, bazarlarında genetik modifikasiya olunmuş kifayət qədər məhsullar var və bu da insan orqanizminə, hətta mən deyərdim ki, genetikamıza çox ağır təsir bağışlayır. Ona görə mən təklif edərdim, gələcəkdə bu qanunvericilik təşəbbüsü ilə çıxış eləyənlər buna şərait yaradanların da cəzalandırılmasını İnzibati Xətalar Məcəlləsində və ya Cinayət Məcəlləsində nəzərə alsınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət xanım, buyurun.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən, əslində, cari məsələlərin müzakirəsi zamanı danışmaq istəyirdim. Mənim fikirlərimi həmkarlarım ifadə etdilər.
Mənim Əli Hüseynliyə sualım var. Mənə elə gəlir ki, Azərbaycanda Leyla Yunusu tanımayan adam yoxdur. Çünki ən azı Şuşa və Laçının verilməsində o, hansı agentliklərə, hansı xarici kəşfiyyat idarələrinə xidmət etdiyini əməli ilə göstəribdir. Bu adam Azərbaycan vətəndaşı ola-ola hələ bu günə qədər öz Azərbaycan dilini bilmir. Mənim fikrimcə, Azərbaycan xalqının dilini, milli-mənəvi dəyərlərini bilməyən, onları qiymətləndirməyən bir insan Azərbaycan xalqının adından xalq diplomatiyası ilə məşğul ola bilməz.
Mən Əli müəllimə sual vermək istəyirəm. Qanunvericilikdə elə bir maddə varmı ki, belə halların qarşısını alsın? Azərbaycan vətəndaşı əgər Azərbaycan Respublikasının dövlət dilini bilmir, üstəlik də bu dövlətin, xalqın dilinə həqarət edirsə, belə halları istisna etmək üçün qanunvericilikdə nələr nəzərdə tutulur? Mənim bildiyimə görə, bizim Miqrasiya xidməti haqqında qanunda belə bir müddəa var ki, Azərbaycanda uzun müddət oturmaq izni almaq istəyən əcnəbi vətəndaş uzunmüddətli viza almaq üçün mütləq Azərbaycan dilini bilməlidir. Amma bu adam Azərbaycan vətəndaşıdır, guya özünü azərbaycanlı hesab edir, – hərçənd ki, burada müəyyən qaranlıq məqamlar var, – Azərbaycan dilindən hörmətli Azay müəllimin dediyi kimi ancaq təhqir üçün istifadə edir. Məncə, qanunvericilikdə bununla bağlı bir maddə olsaydı, yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım. Mən bəlkə Azərbaycan dilində düzgün danışa bilmirəm, ya düzgün izah eləyə bilmirəm. Mən 5 dəqiqə qabaq Gövhər xanım çıxış edəndə dedim. Belə sualınız var, ayrıca Əli müəllimə deyin. Xahiş edirəm sizdən. Bundan sonra məndən inciməyin. Belə hallarda mən çıxışınızı dayandıracağam. Xahiş edirəm, gündəlik ətrafında danışaq. Başqa məsələlərə keçirsiniz, kimi isə qəhrəmanlaşdırırsınız. Belə olmaz axı. Sanki məni eşitmirsiniz və ya anlamırsınız. Mən də Azərbaycan dilini pis bilirəm? Mən Azərbaycan məktəbini bitirmişəm, özü də əla qiymətlərlə bitirmişəm. Azərbaycan dilində sizə deyirəm, xahiş edirəm sizdən, müzakirə olunan konkret məsələdən kənara çıxmayın. Əlavə məsələlər barədə danışmaq istəyirsiniz, gələn iclasda bu məsələləri bir saat müzakirə edək, ürəyinizi boşaldın. Ancaq bu iclasın gedişatı var. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Cinayət-Prosessual Məcəlləsinə təklif olunan bu dəyişiklik aidiyyət məsələsini həll edir. Belə ki, əmək müqaviləsi (kontrakt) olmadan, bu müqavilə hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunması qadağandır və buna görə məsuliyyət var. Xatırlayırsınızsa, biz bu barədə müzakirələr apardıq, dedik, nail olmaq lazımdır ki, insanların hüquqları qorunsun, onlar əmək müqaviləsi (kontrakt) olmadan işə cəlb olunmasınlar. Amma bu cür hallar baş verərsə və təqsirkar cinayət məsuliyyətinə cəlb olunarsa, ibtidai istintaqın hansı orqan tərəfindən aparılması məsələsi Cinayət-Prosessual Məcəlləsində öz əksini tapmalıdır. Bu məsələ 215-ci maddədə qeyd olunur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu, əhalinin sağlamlığı baxımından əhəmiyyət kəsb edən bir dəyişiklikdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı verilmişdir. “Yeyinti məhsulları haqqında” Qanunda da mülki dövriyyədə olmasına yol verilməyən yeyinti məhsullarının həmin siyahıya əlavə edilməsi təklif olunmuşdur. Konkret olaraq hansısa bir elmi tədqiqat məqsədi ilə genetik modifikasiya olunmuş bitkilərin, kənd təsərrüfatı bitki materiallarının və məhsullarının da bu siyahıya əlavə edilməsi təklif olunur. Burada məqsəd “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunu “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırmaqdır. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, hazırda “Yeyinti məhsulları haqqında” Qanunda əksini tapmış bundan əvvəl dediyim normanın bu qanuna da keçirilməsi, yəni bu qanunda da həmin o məhsulların xüsusi siyahıya əlavə olunması barədə müddəanın əks etdirilməsi təklif olunur. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Buyursun Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, icazə versəydiniz, mən 7-ci və 8-ci məsələləri birgə məruzə edərdim. Çünki bu layihələr cənab Prezident tərəfindən bir məktubla daxil olub və hər ikisi yol hərəkəti haqqında qanunvericiliyin tənzimlənməsi ilə bağlıdır.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bildiyimiz kimi, “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin genişləndirilməsi ilə bağlı fərmana fevral ayında cənab Prezident tərəfindən dəyişiklik edildi və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılması, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq edilməsi nəzərdə tutuldu. Bununla bağlı biz müvafiq qanunvericiliyə – həm İnzibati Xətalar Məcəlləsinə, həm də “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik etməliyik. Həmin dəyişiklik sizə təqdim olunub. Yəqin ki, tanış olmusunuz.
Qısaca qeyd etmək istəyirəm ki, bunların əsas məqsədi, qeyd etdiyim kimi, şəffaflıq və operativliyi tənzimləmək və elə etməkdir ki, sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələr minimum olsun. Eyni zamanda, sürücülər üçün hansısa bir narazılıq halında məhkəməyə müraciət edə bilmək imkanı da nəzərdə tutulub.
Bilirsiniz ki, bir sıra hallarda hüquqi şəxslər onlara mənsub olan avtomobillərin sürücülərinin yol hərəkəti qaydalarını pozmasına görə məsuliyyət daşımalı olurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, bu hüquqi şəxslərə mənsub olan avtomobillərin sürücüləri dəyişdikdə onlar bu barədə mütləq Dövlət Yol Polisi İdarəsinə məlumat versinlər və onlara aid olmayan məsuliyyəti daşımasınlar. Beləliklə, təklif olunan bu dəyişikliklər həm yol hərəkəti sahəsində baş verən neqativ halların qarşısını almış olacaq, həm də sürücü ilə yol polisi arasında münasibətlərin daha şəffaf həyata keçirilməsinə xidmət göstərəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən də hörmətli Əli müəllimin təqdim etdiyi bu dəyişikliklərin tərəfdarıyam və buna səs verəcəyəm. İnzibati Xətalar Məcəlləsinə yeni fəslin əlavə edilməsi hüquqi səmərəliliyi baxımından çox faydalıdır. Çünki söhbət yol hərəkəti qaydalarına dair inzibati işlərə baxılmasının prosessual qaydalarından gedir. Bu fəsildə ələlxüsus foto və video çəkiliş qurğularının məlumatları nəzərə alınmaqla sürücünün iştirakı olmadan inzibati protokolların tərtib olunması və yol hərəkəti qaydalarını pozmuş sürücünün yol polisi tərəfindən saxlanılmasının qadağan edilməsi barədə düzünə göstərişin olmasını mən alqışlayıram. Onun digər müsbət məqamlarını da hörmətli Əli müəllim dedi.
Amma mən müzakirə etdiyimiz 151.2-ci maddənin dispozisiyası barədə fikrimi bildirmək istəyirəm. Mən bunu komitənin iclasında da demişəm. Söhbət bir sıra yol hərəkəti qaydalarının pozulması hallarının eyni bir maddənin dispozisiyasında sadalanmasından gedir. Halbuki bu sadalanan əməllər ictimai təhlükəlilik baxımından çox müxtəlifdir. Misal üçün, xüsusi işıq və səs siqnalları ilə təchiz olunmuş avtomobillərə, yol polisi, yanğınsöndürmə və təcili yardım maşınlarına yol verilməməsi ilə bağlı olan əməllər ictimai təhlükəlilik baxımından sadalanan digər əməllərdən çox-çox təhlükəlidir.
Etiraf edək ki, sürücülər yol polisinə yol verirlər. Bunun da səbəbləri aydındır. Yanğınsöndürmə maşınlarına da yol verilir, çünki qabariti böyükdür. Toqquşmaq təhlükəsi olduğundan ona da yol verirlər. Amma bu gün təcili yardım maşınlarına yol verilməməsi çox geniş hal alıb. Mən düşünürəm ki, burada söhbət insan sağlamlığından getdiyi üçün bu əməl daha təhlükəlidir və ona görə ayrı bir maddədə verilməlidir.
Hörmətli həmkarlarımızın nəzərinə çatdırım ki, bizim parlamentin belə bir təcrübəsi var. Biz keçid zolağının üzərinə çıxan piyadalara sürücü tərəfindən yol verilməsi barədə müddəanı təxminən 2 il bundan əvvəl ayrı bir maddədə yerləşdirdik və bu çox yaxşı effekt verməyə başladı. Ona görə mən təklif edirəm ki, xüsusi səs siqnalları və sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb ayrı bir maddədə verilsin və sanksiyası ən azından 100 manata qədər qaldırılsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də təklif olunan layihələrə səs verəcəyəm. Sadəcə, 7-ci məsələ, yəni İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlı iki təklifim var. Qısaca onları səsləndirəcəyəm.
Amma öncə istərdim çıxışımı sabah doğum gününü qeyd edəcəyimiz Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovu ehtiramla anaraq başlayım. Cənab Sədr, buna səbəb Sizin az öncə Qərbdəki ayrı-ayrı çevrələrin bizim həssas məsələyə, Dağlıq Qarabağ münaqişəsinə, bizim torpaq bütövlüyümüzə yanaşması ilə bağlı dedikləriniz oldu. Çox maraqlıdır ki, aradan 100 il keçib və Azərbaycan parlamentinin birinci sədr bizim bu həssas məsələmizə ədalətsizcəsinə yanaşan əcnəbilərə hansı sözləri deyirdisə, bu gün də Siz o sözləri deyirsiniz. Görünür, heç nə dəyişməyib. Biz çox zaman deyirik ki, bütün bu məsələlərin arxasında erməni lobbisi durur və sair. Amma o zaman elə də güclü erməni lobbisi yox idi. Görünür, başqa məsələ idi.
Keçirəm təkliflərə. Təkliflərimdən bir 151.1-ci maddə, daha konkret desəm, nəqliyyat vasitələrindən bayıra atılan zibilə görə cəza məsələsi ilə bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ ilə bağlı Böyük Britaniya qanunvericiliyində də sərt bir dəyişiklik edildi. Orada artıq buna görə cəza 100 funtdan başlayaraq artmağa başlayır. Özü də çox maraqlıdır ki, belə bir qanunvericilik təşəbbüsü ilə Böyük Britaniyanın sürücülər cəmiyyəti çıxış edib. Aparılan sorğuya görə onların 93 faizi bu fikirdədir ki, bu cür hadisə Böyük Britaniya xalqı haqqında qonaqların təsəvvüründə yanlış təsəvvür formalaşdırır.
Gələn il bizdə Avropa Olimpiadasının keçiriləcəyini nəzərə alsaq, o qənaətə gəlmək olar ki, biz də bu məsələdə daha sərt cərimə nəzərdə tutmalıyıq. Özü də bu təcrübə bütün ölkələrdə var. Avropa ölkələrində, məsələn, İspaniyada bu əmələ görə cərimə 100 funtdan başlayır. Özü də orada diferensial yanaşma var. Tutaq ki, pəncərədən siqaret atdığına görə cərimə 100 avro, amma siqaret qutusu atdığına görə artıq 200 avrodur. Cərimə bu şəkildə arta-arta gedir. Yəni bax belə bir diferensial yanaşma var. Yenə də deyirəm, gələn il ölkəmizdə Avropa Olimpiadasının keçiriləcəyini və praktikamızda nəqliyyat vasitələrindən bayıra zibil atılması hallarına tez-tez yol verildiyini nəzərə alaraq mən istərdim ki, biz də müvafiq qanunvericilik aktında belə bir əlavə edək.
151–1.4-cü maddədə sürət həddini 60 kilometrdən artıq aşmağa görə 250 manat cərimə nəzərdə tuturuq. Mənə elə gəlir, burada da göstərilməlidir ki, hansı sürət həddindən sonra 60 kilometr aşmağa görə. Mən o fikirdəyəm ki, bizim Azərbaycan yollarında izn verilən saatda 120 kilometrlik sürət həddini aşanda təkcə cərimə deyil, həm də sürücülük vəsiqəsinin ləğvi nəzərdə tutulmalıdır. Yəni diferensial yanaşılmalıdır. Çünki bu istər-istəməz ondan xəbər verir ki, bu cür hərəkətlərə yol verən şəxs artıq avtoxuliqanlıqla məşğuldur. Bunları sizin diqqətinizə çatdırmaq istəyirdim. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov buyursun.
F.Muradov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Hər iki məsələdə mən bu dəyişiklikləri dəstəkləyirəm. Amma bununla bağlı bir təklifim də var. Biz hamımız Avropa ölkələrində oluruq və orada bəzən diplomatlarımızla, diplomatik nümayəndəliklərimizin əməkdaşları ilə görüşürük. Biz görürük ki, maşını idarə edən diplomatlarımız oranın qayda-qanunlarına necə ciddi riayət edirlər. Mən sizə bir misal da gətirim. BMT-nin Baş Qərargahı Nyu-York şəhərində yerləşdiyinə görə orada qeydiyyatdan keçmiş müxtəlif diplomatik nümayəndəliklərin əməkdaşlarına guya müəyyən güzəştlər olunmalı idi. Amma buna baxmayaraq, Nyu-York polisi hər il onlara yüz milyonlarla cərimə yazır. Bu cərimələri, təbii ki, dövlətlər ödəyirlər. Yol polisi onlara bildiriş göndərir ki, sizin nəqliyyat vasitələriniz filan yol hərəkəti qaydalarını pozub.
Amma Azərbaycanda bu məsələlər bir az başqa cür qoyulub. Mən çox istərdim ki, Əli müəllim, biz bu məsələyə baxaq. Yəni mən demirəm ki, biz diplomatik toxunulmazlığı pozaq. Sadəcə olaraq, bütün Avropa ölkələrində olan təcrübədən biz də burada istifadə edək ki, diplomatik nümayəndəliklərin də, böyük xarici şirkətlərin də nəqliyyat vasitələr Azərbaycanın yol hərəkəti qaydalarına tam riayət etsinlər. Xahiş edirəm ki, bu təklif nəzərə alınsın və biz Əli müəllimin komitəsi ilə birlikdə bu məsələyə baxaq. Həmişə bizə deyirlər ki, Azərbaycan qanunvericiliyi Avropada olan qanunvericiliyə uyğunlaşdırılmalıdır. Biz də elə həmin uyğunlaşmanı aparaq.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illərdə yol polisində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verib. Siz görürsünüz ki, şəhərdə xeyli rahatlıq yaranıb. Mən istərdim, biz onlara dəstək olaq, bu məsələdə öz təkliflərimizi verək və bunu Avropa qanunvericiliyinə uyğun edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən 8-ci məsələ ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Məlum olduğu kimi, bizdə “Yol hərəkəti haqqında” Qanun tez-tez dəyişiklik və əlavələrin edildiyi qanunlardandır. Mən də bir təkliflə çıxış etmək istəyirəm və istərdim ki, hörmətli həmkarlarım gələcəkdə bunu imkan daxilində nəzərə alsınlar.
Bu gün xüsusilə paytaxtda yol hərəkətinin axarının pozulmasının səbəblərindən ən böyüyü tıxaclardır. Nə qədər yollar salınsa da, körpülər tikilsə də, yeraltı keçidlər inşa edilsə də, bu problem aradan qalxmır. Biz digər böyük şəhərlərin praktikasına nəzər yetirsək görərik ki, bu bütün iri meqapolislərə xas olan bir problemdir və yəqin ki, bizdə də yaxın gələcəkdə aktual mövzu olacaqdır.
Mən diqqəti bir məsələyə cəlb etmək istəyirəm. Biz bir çox hallarda tıxaclarda təcili yardım maşınlarının, ambulansların qaldığını görürük və bir çox hallarda onlardan yüksələn xüsusi həyəcan siqnalları ona dəlalət edir ki, həmin an maşında ağır xəstə və yaxud yaralı var. Nəzərə alsaq ki, bir çox hallarda xəstənin, yaralının həyatı saatlardan deyil, dəqiqələrdən asılıdır, bunun nə vaxtsa bir faciə ilə nəticələnə biləcəyini anlamaq çətin deyil.
Ona görə də mən elə bilirəm ki, bizim paytaxtda artıq bir helikopter xidmətinin yaradılması zərurəti meydana gəlibdir. Bu xidmət dünyanın bir çox ölkələrində var. Bu mənim bayaq qeyd etdiyim kimi, yalnız ekstremal hallarda hansısa ağır yaralını xəstəxanaya çatdırmaq baxımından deyil, digər baxımdan da faydalı ola bilər. Misal üçün, bizdə tıxaclara yalnız avtomobillərin çoxluğu və ya ağır yol qəzaları səbəb olmur, adi bir yol qəzası nəticəsində də uzun-uzadı, saatlarca yaranan tıxaclar meydana gəlir. Maşınlar məcburən sığortanın və yaxud yol polisinin gəlməyin gözləyirlər və bu da ağır tıxacların yaranmasına səbəb olur.
Digər tərəfdən, mətbuat və televiziyalar da bir çox hallarda hansısa hadisəni gedib çəkmək, işıqlandırmaq, operativ şəkildə yayımlamaq baxımından helikopterlərdən faydalana bilərlər. Bu təcrübə bir çox ölkələrdə var. Amma bu o demək deyil ki, hər dəqiqə hansısa sayt, qəzet və yaxud televiziya bu məqsədlə helikopter sifariş etsin. Hər hansı bir agentlik gedir, bunu çəkib gətirir, öz saytında yerləşdirir və ona abunə olan kanallar da oradan götürüb bundan istifadə edirlər.
Mən helikopter deyəndə heç də iri tutumlu, iri qabaritli alleqatorlar nəzərdə tutmuram. İdman tipli, yüngül çəkili, kifayət qədər münasib qiymətə helikopterlər vardır. Mən elə bilirəm ki, bu gün Bakı şəhəri üçün bunlardan bir və ya iki dənəsi tamamilə kifayət edər. Bunların arasında təcili tibbi yardım avadanlıqları ilə təmin olunan helikopterlər də var.
Bu yaxınlarda bizdə Rusiya aviasiya zavodunun direktoru çıxış edib demişdi ki, Azərbaycana 250 milyon dollar məbləğində müxtəlif təyinatlı helikopterlər satılacaqdır. Mənim qeyd etdiyim helikopterlər isə təxminən 80 min, 100–120 min qiymətindədir. Elə bilirəm ki, qiymətindən asılı olmayaraq əgər bu, gələcəkdə hər hansı bir uşağın, körpənin və ya hansısa əsgərimizin həyatını xilas etməyə yardımçı ola bilərsə, bu xidmətdən istifadə etmək olar. Bunu Fövqəladə Hallar Nazirliyinin, “ASAN xidmət”in və ya Səhiyyə Nazirliyinin nəzdində təşkil etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səhiyyə Nazirliyinin nəzdində helikopterlər var. Siz şəhər içində helikopterlərdən istifadə olunmasını təklif edirsiniz. Bəzi böyük şəhərlərdə, məsələn, Nyu-Yorkda helikopterlərdən istifadə olunur. Amma onlar da artıq istismardan çıxarılmaq üzrədir. Çünki onların təhlükəsi faydasından daha çoxdur. İndi bunlar ancaq kinolarda qalıb. Yən dediyim odur ki, bu təcrübə vaxtilə böyük şəhərlərdə olsa da, artıq ləğvə doğru gedir.
Bakıda helikopterlərin istifadə olunması üçün müvafiq infrastruktur olmalıdır. Helikopter Bakı şəhərinin bir nöqtəsindən çıxdı, harada gedib düşəcək? Bakı şəhərində bu mümkün deyil. Fikir yaxşı fikirdir. Əlbəttə, bu olsaydı, yaxşı olardı. Ancaq bu, 80 minlə düzələn məsələ deyil. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihələrini mən də dəstəkləyirəm. Azərbaycanda Dövlət Yol Polisi kifayət qədər mühüm işlər aparır və onların heç də yüngül olmayan əməyini mən, təbii ki, yüksək qiymətləndirirəm. Amma bununla yanaşı, mən yol hərəkətində bizə müəyyən qədər problem yaşadan bir məsələni də burada qaldırmaq istəyirəm. Bu, evakuatorların fəaliyyəti ilə bağlıdır. Düşünürəm ki, bu məsələni biz tənzimləməyi bacarmalıyıq. Evakuatorların hər gün küçələrdə duran maşınları götürüb naməlum istiqamətdə aparması, işə qeyri-peşəkar yanaşdıqlarından bu əməliyyatı tələsik həyata keçirib maşınları aşıraraq şəxsi əmlaka ziyan vurması bizdə yol hərəkətinin nizama salınmasına heç də yaxşı xidmət deyil. Ona görə mən xahiş edərdim ki, biz evakuatorların bu özbaşınalıqlarının qarşısını almaq barədə də düşünək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rövşən müəllim, bu məsələ də bir az bizim milli mentalitetimizdən irəli gəlir. Mən bir 3 il bundan qabaq Seulda olmuşam, şəhər idarəetmə sisteminə baxmışam. Orada artıq hamı əzbər bilir ki, əgər qaydanı pozub, maşını lazım olmayan yerdə saxlayıbsa, evakuator gəlib onu aparacaq. İndi biz də yavaş-yavaş öyrənə-öyrənə gedirik də. Bizdə evakuatorlar bəlkə bir az düzgün hərəkət etmirlər, bir az kobudluq edirlər. Ancaq insanlar öyrənməlidir. Şəhər küçələrinin hamısı yolun sağında da, solunda da saxlanan maşınlarla doludur. Ona görə şəhərdə tıxaclar var. Birdən-birə öyrənmirik, yavaş-yavaş biz də bunu öyrənəcəyik.
Mən indi düşündüm ki, çox adamın ürəyində çox şey qalır, müzakirə vaxtı az olur. İclas bu gün, yəqin, tez qurtaracaq. 5 məsələmiz qalıb. Sonra əgər lazım bilirsinizsə, bir yarım saatlıq müzakirə apara bilərik ki, ürəyinizdə qalmasın.
İndi xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Gündəliyin 8-ci məsələsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Saat 4-ə kimi fasilə elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Gündəlikdəki məsələlərin müzakirəsini davam etdiririk. 9-cu məsələ “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə, əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə tutulan dövlət rüsumlarının dərəcələri müəyyən edilir. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin on gün müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 5 manat, üç iş günü müddətində 25 manat, bir iş günü müddətində isə 35 manat rüsum tutulur.
Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təklif edilir və yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləğini və onun hazırlanmasına çəkilən xərcləri nəzərdə tutur. Qanun 2005-ci il dekabrın 1-dən qüvvəyə minir. Təklif olunan dəyişikliklər komitəmizdə müzakirə edilmiş və yekdilliklə qəbul olunmuşdur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, bu qanunun əvvəlki mətnində şəxsiyyət vəsiqəsinin üç iş günü müddətində dəyişdirilib verilməsinə görə dövlət rüsumu 10 manat nəzərdə tutulurdu. Üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat rüsum ödənilirdi. Aydındır, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsindən söhbət gedir, bura müəyyən xərc çəkilib. Əslində, mən 35 manata da, 25 manata da razı deyiləm, çünki üç iş günü müddətində 25 manat çoxdur.
Amma məni maraqlandıran başqa bir şeydir. Biz 14.3.2-ci maddənin əvvəlki redaksiyasında qeyd etmişdik ki, üç gündən sonrakı müddətdə verildikdə 1 manat rüsum ödənilir. Amma yeni variantda bilinmir ki, 10 gündən artıq müddətdə veriləndə, ümumiyyətlə, vətəndaş rüsum ödəyəcək, ya yox? Bu suala cavab istəyirdim.
Sədrlik edən. Çingiz müəllim, buyurun.
Ç.Əsədullayev. Oqtay müəllim, icazənizlə, mən Çingiz Qənizadəyə daha dəqiq məlumat toplayıb iclasdan sonra cavab verərəm. Mən bilən, orada heç bir dəyişiklik olmayıb.
Sədrlik edən. Oldu. Başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.07 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi haqqındadır. Buyurun, Çingiz Əsədullayev.
Ç.Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, icazə versəniz, gündəliyin 10-cu və 11-ci məsələləri ilə bağlı fikrim bildirərdim. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən eyni məzmunlu dəyişikliklər texniki xarakter daşıyır. Hər iki qanun layihəsinə təklif edilən dəyişikliklərdə daşınmaz əmlaka hüquqların qeydiyyatı ilə bağlı qeydiyyat orqanına təqdim edilən, habelə qeydiyyat orqanı tərəfindən təqdim edilən sənədlərin vahid forması və bununla bağlı prosedurların müəyyən edilməsi nəzərdə tutulur. Qanun layihələrinə təklif olunan dəyişikliklər komitəmizdə müzakirə olunaraq yekdilliklə qəbul olunmuşdur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Hörmətli Çingiz müəllim qeyd elədi ki, bu, texniki xarakter daşıyır. Əslində, həm texniki, həm də humanist xarakter daşıyır. Mən qeyd etmək istəyirəm ki, əvvəlki variantda 6-cı maddədə daşınmaz əmlakın texniki sənədlərinin, pasport və ya plan ölçünün çıxarılmasına görə bir boşluq var idi və rüsumun tutulması yox idi. Burada daha humanist dəyişiklik edilib, həm çıxarışın, həm də texniki sənədlərin verilməsinə görə rüsumun tutulmaması nəzərdə tutulub. Buna görə də mən bu layihəni hazırlayanlara təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Birinci sualdan sonra, ikincidə təşəkkür edir, maşallah. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, 10-cu məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.10 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 16.11 dəq.)
Lehinə 78
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 78
Nəticə: Qəbul edildi
Yetərsay yoxdur. Kim səs vermədi? Xahiş edirəm, səsverməni təkrar edin.
Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin sonuncu məsələsi Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsi barədədir. İkinci oxunuşdur. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı hörmətli deputatlar Arif Əşrəfov, Tahir Süleymanov, Ərəstun Cavadov, Mahir Aslanov, Novruzəli Aslanov, Nazim Fərəcov və Elmira Axundova qanunun aktuallığını və qəbul edilməsinə ehtiyac olduğunu, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsində, meşə fonduna daxil olmayan, əsasən, şəhərlərdə və sair yerlərdə olan yaşıllıqlarla əlaqədar yaranan münasibətləri tənzimləməkdə mühüm əhəmiyyətə malik olacağını qeyd etməklə yanaşı bəzi irad və təkliflərini də bildirmişdilər.
İşçi qrupu deputatların rəyini nəzərə almaqla layihəni xeyli təkmilləşdirmiş və onu ikinci oxunuş üçün hazırlayaraq komitəyə təqdim etmişdir. Aqrar siyasət komitəsinin iclasında Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov başda olmaqla Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Elton Məmmədov, Muxtar Babayev və Fuad Muradov da iştirak etmişlər. Buna görə mən onlara təşəkkürümü bildirirəm.
Hörmətli deputatlar layihə ilə əlaqədar rəy və iradlarını bildirmiş, bir çox təkliflər vermişlər. Layihə ikinci oxunuşa hazırlanan zaman bütün bunlar, xüsusilə hörmətli Valeh müəllimin bildirdiyi tövsiyələr hər iki komitənin ekspertlərindən, Aparatın İqtisadi qanunvericilik şöbəsinin Aqrar qanunvericilik və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorlarının əməkdaşlarından, respublikanın aidiyyəti qurumlarının mütəxəssislərindən ibarət işçi qrupunda hərtərəfli müzakirə edilmiş və əsasən nəzərə alınmışdır. Nəticədə layihə xeyli təkmilləşmiş, müddəalardakı ziddiyyətlər aradan qaldırılmış, hüquqi normalar sadə və aydın dildə tərtib edilmiş, subyektlər arasında münasibətlər dəqiqləşdirilmiş və qanunun bu sahənin qüvvədə olan digər normativ hüquqi aktlarla uzlaşdırılması təmin edilmişdir.
5 fəsil və 25 maddədən ibarət bu qanun layihəsinin 21 maddəsində 90-dan çox əlavə və düzəliş aparılmış, 3 yeni maddə, 34 yeni müddəa əlavə edilmiş, 10 müddəa layihədən çıxarılmışdır. Layihədə edilən bu dəyişikliklər Moldovanın və Rusiyanın bir çox şəhər və vilayətlərinin qanunvericilik aktlarından, ətraf mühitin mühafizəsinə dair beynəlxalq konvensiya və sazişlərdən, habelə internet mənbələrindən istifadə olunmaqla aparılmış və qara rəngdə verilmişdir.
Qanun layihəsi barədə öz fikirlərini bildirən, tövsiyələrini verən bütün deputatlara və aidiyyəti qurumların nümayəndələrinə minnətdarlığımızı bildirirəm. Eyni zamanda, layihədə edilən dəyişikliklər və müzakirələr vaxtı səsləndirilən təklifləri diqqətinizə çatdırmaq istəyirəm.
Maddə 1-ə “yaşıllıq əraziləri” adlanan yeni anlayış əlavə edilmiş, burada bəzi anlayışlar bir daha dəqiqləşdirilmişdir. Məsələn, maddə 1.0.2-də nəzərdə tutulan söz birləşməsi daha konkret “ayrılmış” sözü ilə əvəz edilmiş, “yaşıllıqların məhv edilməsi” və “yaşıllıqların zədələnməsi” anlayışlarının izahları arasındakı ziddiyyətlər aradan qaldırılmışdır və sair.
“Qanunun tətbiq dairəsi” adlanan 3-cü maddə birinci oxunuşdan fərqli olaraq daha konkret və yığcam verilmişdir. Burada göstərilir ki, bu qanunla müəyyən edilmiş qaydalar meşə fondu torpaqlarında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki yaşıllıqlara tətbiq edilir. Bu maddədə nəzərdə tutulmayan yaşıllıqlarla (əkinlərlə) bağlı məsələlər isə müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Layihəyə “Yaşıllıqların mühafizəsi sahəsində hüquqi münasibətlərin obyektləri və subyektləri” adlanan yeni 4-cü maddə əlavə edilmişdir. Həmin maddəyə görə yaşıllıqların mühafizəsi sahəsində hüquqi münasibətlərin bütün subyektləri yaşıllıqlardan istifadə, onların mühafizəsi, qorunması, salınması və genişləndirilməsində bərabər hüquqlara malikdirlər və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onların heç birinə üstünlük verilmir.
Layihəyə “Yaşıllıqların növləri” adlanan yeni 6-cı maddə daxil edilmişdir. Burada təyinatından və istifadə qaydasından asılı olaraq yaşayış məntəqələrində və infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqların növləri sadalanır. Bu növlərə ümumi istifadədə olan yaşıllıqlar, məhdud istifadəli yaşıllıqlar və xüsusi təyinatlı yaşıllıqlar daxildir. Eyni zamanda, qeyd olunur ki, bu maddədə göstərilən yaşıllıq növlərinə aid olan obyektlərin (park, xiyaban, bulvar və sair) müfəssəl siyahısı, təyinatı və istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Yaşıllıqların idarə olunmasında dövlətin vəzifələri” adlanan 7-ci maddədə, təbii ki, bu sahədə dövlətin vəzifələri sadalanır. Buraya yaşıllıqların idarə olunması ilə bağlı normativ hüquqi aktları hazırlamaq və qəbul etmək, yaşayış məntəqələrində adambaşına və ərazidən istifadə vahidinə düşən yaşıllıq normasını və onun hesablanma qaydasını şəhərsalma tələblərinə və beynəlxalq təcrübəyə uyğun müəyyən etmək, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını müəyyən etmək, yeni yaşayış və sənaye obyektlərinin layihəsində şəhərsalma normalarına uyğun yaşıllaşdırma tədbirlərinin əks olunmasına nəzarət etmək, yaşıllıqların mühafizəsi, onlardan istifadə sahəsində əhalinin maarifləndirilməsi işini təşkil etmək kimi beş yeni müddəa əlavə edilmişdir.
Maddə 8 yaşıllıqların idarə olunmasında bələdiyyələrin vəzifələrinə həsr olunmuşdur. Bu maddəyə bələdiyyə mülkiyyətində olan yaşıllıqların mühafizəsini təşkil etmək, müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaqla müvafiq fitosanitar vəziyyəti təmin etmək kimi iki yen müddəa əlavə edilmişdir.
“Yaşıllıqların mühafizəsi” adlanan 9-cu maddə bir qədər gücləndirilmişdir. Maddəyə “mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər” müddəası əlavə edilmiş, burada yaşıllıqların mühafizəsi ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirilmişdir.
Əgər birinci oxunuşda yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri ayrı-ayrı maddələrdə verilmişdisə, indi bu vəzifələr birləşdirilərək 10-cu maddədə yığcam şəkildə verilmiş və buraya dörd yeni müddəa əlavə edilmişdir.
Layihəyə “Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları” adlanan yeni 11-ci maddə əlavə edilmişdir. O, altı bənddən ibarətdir.
Birinci oxunuşda “Yaşıllıqların qeydiyyatı” adlanan maddə daha anlaşıqlı olmaq üçün maddə 12-də “Yaşıllıqların dövlət uçotu, kadastrı və monitorinqi” adlandırılmışdır. Bu maddəyə yaşıllaşdırma obyektlərinin pasportlaşdırılması kimi müddəa əlavə edilmiş, digər müddəalar isə dəqiqləşdirilmişdir.
Hörmətli həmkarlar, aprelin 13-də cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə son qoyulması ilə bağlı aidiyyəti strukturlara müvafiq tapşırıqlar verdi və bildirdi ki, şəhərlərdə ağaclar yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığına əsasən kəsilə və ya götürülə bilər.
Bununla əlaqədar olaraq layihədə yaşıllıqların götürülməsini tənzimləyən 13-cü maddə haqqında bir qədər ətraflı məlumat vermək istəyirəm. Layihənin birinci oxunuşu zamanı yaşıllıqların götürülməsinə yol verilən halları sadalamışdıq. Qanun pozuntularının qarşısını almaq məqsədi ilə buraya bir neçə yeni müddəa əlavə edilmişdir. Belə ki, yaşıllıqların götürülməsinə yol verilən hallar sırasına “şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekologiya ekspertizasının və müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olan layihənin həyata keçirilməsi” də əlavə olunmuşdur. Eyni zamanda, burada yaşıllığın özbaşına götürülməsinin qarşısını alan bir çox ciddi məsələlər öz əksini tapmışdır.
Bu maddəyə yaşıllıqların mühafizəsi ilə bağlı çox vacib olan 13.3, 13.4, 13.5-ci müddəalar əlavə edilmişdir. İndi maddədə konkret olaraq göstərilir ki, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının, yəni Prezidentimizin qeyd etdiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçiriləcəkdir. Bu isə o deməkdir ki, bir dənə də olsun ağac müvafiq qərar olmadan kəsilə bilməz.
Bu məqsədə nail olmaq üçün layihənin 18, 19 və 20-ci maddələrində göstərilən qaydada dövlət nəzarəti və ictimai nəzarət təşkil ediləcəkdir. Eyni zamanda, layihənin 24-cü maddəsində yaşıllıqların kəsilməsi və digər qanun pozuntularına görə məsuliyyət müəyyən edilmişdir.
Hörmətli deputat həmkarlarım Valeh Ələsgərovun, Eldar Quliyevin, Elton Məmmədovun, Arif Əşrəfovun, Muxtar Babayevin və Fuad Muradovun komitənin iclasında səsləndirdikləri təkliflərdən biri də şəhərlərimizi yerli şəraitə uyğun möhkəm köklü, daha qiymətli, başlıcası isə insan sağlamlığı üçün faydalı olan ağaclarla təmin etmək idi. Doğrudan da, bu sahədə görüləsi işlər çoxdur. Odur ki, “Yaşıllıqların bərpası və genişləndirilməsi” adlanan 14-cü maddədə mövcud yaşıllıqlarda sanitariya, gigiyena və fitosanitar normalara uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək və onları genişləndirmək, bu ərazidə olan bitkiləri ətraf mühit və insan sağlamlığı üçün daha əlverişli bitki cinsləri və növləri ilə əvəz etmək yaşıllıqların bərpasının və genişləndirilməsinin əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir. Eyni zamanda, maddə 7.3.11-də dövlətin vəzifələrinə yaşıllıq salınması üçün faydalı bitki cinsini və növünü müəyyən etmək aid edilmişdir.
Hörmətli deputatlar, qanun layihəsinin plenar iclasda birinci oxunuşu zamanı hörmətli deputat Elmira xanım Axundova yaşıllıqlara aqrotexniki xidmətləri həyata keçirəcək şəxslərlə, habelə yaşıllıqların götürülməsi üçün müraciətin və qərarın qəbul edilməsində konkretliklə əlaqədar çıxış etmiş və yaşıllıqların götürülməsi zamanı bərpa dəyərinin obyektiv qiymətlərlə müəyyənləşdirilməsini təklif etmişdir. Onun bu təklifləri 9, 13 və 15-ci maddələrin yeni redaksiyasında nəzərə alınmışdır. Layihənin 16, 17, 21, 23 və 24-cü maddələrində də müvafiq düzəlişlər edilmişdir.
Mən çalışdım ki, birinci oxunuşdan sonra qanun layihəsinə edilən əsas dəyişikliklər və əlavələr barədə məlumatları qısa şəkildə sizə çatdırım. Hesab edirəm ki, Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müzakirəyə hazırdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Hörmətli millət vəkilləri, bu, ikinci oxunuşdur. Qanun layihəsini əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, onun əsas kimi qəbul olunmasına münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.24 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Buyursun Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Həqiqətən də, bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi ikinci oxunuş üçün kifayət qədər peşəkar hazırlanıb, tam təkmil formadadır. Xüsusilə qeyd etməliyəm ki, birinci oxunuşda səslənən bütün təkliflər nəzərə alınıb.
Bu qanun layihəsi çox zamanında, vaxtında müzakirəyə çıxarılıb. Bilirsiniz ki, cənab Prezident Nazirlər Kabinetinin son iclasında yaşıllıqla bağlı ayrıca fikirlər səsləndirmişdi. Hesab edirəm ki, bu gün bu qanunun qəbulu, ümumiyyətlə, yaşıllıq sahəsində olan bir sıra problemlərin həllini təmin edə biləcəkdir.
Onu da deyim ki, biz bu layihə ilə qeyri-hökumət təşkilatlarını da tanış etdik. Bu layihəni ekologiya sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə ayrıca müzakirə etmiş, onların da rəyini almışıq. Bu qanun layihəsi çox az layihələrdəndir ki, vətəndaş cəmiyyətinin ciddi və prinsipial iradları ilə rastlaşmayıbdır. Verilən təkliflərdə elə bir prinsipial məqam yoxdur. Hesab edirəm ki, burada bütün məqamlar öz əksini tapıb və xüsusilə dövlət qurumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının üzərinə düşən vəzifələr nəzərə alınıbdır.
Mən fürsətdən istifadə edərək Eldar müəllimə təşəkkür etmək, bu layihə üzərində çalışan bütün şəxslərə minnətdarlığımı bildirmək istəyirəm.
Bəxtiyar müəllim çox yaxşı təklif etdi. Bəlkə biz bunu çox geniş müzakirə etməyək. Düşünürəm ki, onu ikinci oxunuşda və bəlkə bir az da irəli gedib üçüncü oxunuşda qəbul edə bilərik. Hər halda bu layihəyə heç bir iradım yoxdur. Hesab edirəm, tam şəkildə qəbul oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Yaşıllıqların mühafizəsi daim ictimaiyyətin də, mətbuatın da diqqətində olan bir məsələdir. Ancaq bu barədə dəfələrlə yazıldığına, çəkildiyinə, tapşırıqlar verildiyinə baxmayaraq, bir sıra insanlar fürsət düşən kimi yenə yaşıllıqları məhv edirlər.
Vaxtilə ulu öndər Heydər Əliyev də bu məsələyə həssaslıqla münasibət bildirmişdi. Cənab Prezident də bir neçə dəfə ayrı-ayrı tədbirlərdə bu barədə öz tapşırıqlarını veribdir. Sadəcə olaraq, bir məsələ insana təəccüblü gəlir, yəni bu tapşırıqlar, cərimələr, qaydalar, qanunlar olmasa, ömründə bir dəfə ağac əkməyən insanlar onilliklərin ağaclarını kəsib, doğrayıb yerində hansısa bir tikinti aparmalıdırlar? Axı bu qayda-qanun və tapşırıqdan əlavə bir vicdan deyilən anlayış da var.
Dövlət külli miqdarda vəsait ayırıb, ölkəyə yaşıllıqları başqa yerə köçürmək imkanı verən ağır texnikalar gətiribdir. Çox qəribədir ki, bu insanlar özləri üçün müxtəlif tikintilər aparmağa milyonlar tapır, ancaq müvafiq idarəyə çox cüzi vəsait köçürüb bu texnika vasitəsilə yaşıllıqları başqa yerə köçürmürlər. Axı dünyada da ətraf mühitə hörmət əxlaq, mədəniyyət, vicdan məsələsidir. Belə məsələləri axı qanunlarla, cərimələrlə tənzimləmirlər.
Bayaq Eldar müəllim qanun layihəsi barədə danışarkən söylədi ki, Ekologiya Nazirliyinin icazəsi olmadan ağaclar götürülmür. Amma təəssüf ki, ağaclar bəzən icazə ilə də məhv edilir. Bu yaxınlarda biz şahidi olduq ki, icazə verildikdən sonra Sumqayıt yolunda yüzlərlə qiymətli ağac məhv edildi. Amma o yol axı bir gündə tikilmədi. Aylardan bəri məlum idi ki, orada yol çəkiləcək. O ağacları başqa yerə köçürmək olardı. Amma çox təəssüflər olsun ki, bu edilmədi.
Ona görə mən də tərəfdarıyam ki, bu qanunda onun pozulmasına görə məsuliyyət daşıyacaq insanların, təşkilatların adları daha konkret göstərilsin. Çünki burada bir çox millət vəkillərinə şikayətlər daxil olur. Gedirsən, hərə bir kağız göstərir ki, mənim icazəm var, nə istəyirəm, eləyirəm və ya deyir ki, bu ağacları mən kəsməmişəm, buranın məndən əvvəlki sahibi kəsibdir. Bir sıra bəhanələrlə məsuliyyətdən yayınırlar. Tikintiyə icazə sənədi verilməzdən əvvəl bu iş adamından, təşkilatdan tələb eləmək olar ki, o həmin ərazidən ağacların köçürülməsi ilə bağlı hansısa bir akt və ya arayış gətirsin, ondan sonra iş adamlarına və yaxud başqalarına bu icazə verilsin.
Mən qanun layihəsini bəyənirəm, dəstəkləyirəm və çox istərdim ki, yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət daşıyacaq şəxslərin ünvanları qanunda daha konkret göstərilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cənab Prezident öz son çıxışında konkret ünvan göstərdi ki, Ekologiya Nazirliyi bir nömrəli instansiyadır. Ona görə qanunda müvafiq icra hakimiyyəti orqanını konkretləşdirməyə ehtiyac yoxdur. Gülçöhrə Məmmədova buyursun.
G.Məmmədova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanunu çox aktual və vacib hesab edirəm. Doğrudan da, yer üzünün yaşıl örtüyünün qorunması bu gün qlobal bir problemdir və ekoloji prosesin çox vacib bir tərkib hissəsidir. Qanun yaxşı hazırlanıb və onun qəbul edilməsinə mən də səs verəcəyəm.
Eyni zamanda, bir neçə qeydimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, ölkəmizdə yaşıllıqların mühafizəsinə çox böyük diqqət yetirilir. Hörmətli Prezidentimizin başçılığı ilə aparılan genişmiqyaslı quruculuq işlərinin bir tərkib hissəsi də yaşıllaşdırmadır. Elə bulvarın uzadılması, orada aparılan yenidənqurma işləri, Bakı şəhərində bütün parkların, bağların yenidən qurulması, eləcə də ölkənin bütün başqa şəhərlərində bu işlərin uğurla həyata keçirilməsi bu istiqamətdə dövlətimizin çox düzgün siyasət aparmasının bir sübutudur. Hörmətli Prezidentimizin son çıxışları burada artıq qeyd edildi. Hətta bu gün səhv eləmirəmsə, Ağdaş–Qəbələ yolunun layihəsinin prezentasiyası zamanı da cənab Prezident ətrafdakı yaşıllıqların mühafizəsinə çox böyük qayğı ilə yanaşaraq bu işin əhəmiyyətini xüsusi olaraq nəzərə çatdırıb.
Amma biz bu böyük, müsbət işlərlə yanaşı, müəyyən mənfi hallarla da rastlaşırıq. Genişmiqyaslı tikinti işləri, əlbəttə, bir çox hallarda yaşıllıqlara da zərər vurur, köhnədən qalan yaşıllıqların müəyyən hissəsinin məhv olmasına gətirib çıxarır. Hesab edirəm ki, bu hallar da Milli Məclisin diqqətindən kənarda qalmamalı, xüsusilə də yeni tikilən obyektlər qarşısında qoyulan tələblər arasında yaşıllaşdırma tələbləri çox vacib yer tutmalıdır.
2-ci maddə ilə bağlı mənim bir sualım var. 2.2-də yazılıb: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə yaşıllıqların mühafizəsi sahəsində müəyyən edilmiş normalar bu Qanunda nəzərdə tutulmuş normalardan fərqli olduqda beynəlxalq müqavilələrin normaları tətbiq olunur”. Əgər fərq varsa, niyə biz indidən bu qanunda beynəlxalq müqavilələrin normalarını əks etdirmirik? Bu mənim bir sualımdır.
“Yaşıllıqların növləri” adlı 6-cı maddədə xüsusi təyinatlı yaşıllıqların sadalandığı 6.1.3-cü hissəyə, mən hesab edirəm ki, magistral yollar ilə tikinti massivləri arasında salınmış yaşıllıqları da əlavə etmək lazımdır. Çünki bunlar da xüsusi təyinatlı yaşıllıqlardır və bunlar mütləq olmalıdır ki, yaşayış zonalarını magistral yolların səs-küyündən, tozundan və sairə mühafizə etsin. Əgər sovet dövründə tikilmiş mikrorayonlara, yaşayış zonalarına baxsaq, bu yaşıllıqların nə şəkildə salındığını görərik. Təəssüf ki, indi burada da bəzi mənfi hallara rast gəlirik. Ona görə də düşünürəm ki, xüsusi təyinatlı yaşıllıqlara bəlkə hətta şəhər əhəmiyyətli yollar ilə yaşayış zonaları arasında salınan yaşıllıqları da əlavə etmək lazımdır.
“Yaşıllıqların idarə olunmasında dövlətin vəzifələri” adlı 7-ci maddənin 3.5-ci hissəsində yazılıb: “yeni yaşayış və sənaye obyektlərinin layihəsində şəhərsalma normalarına uyğun yaşıllaşdırma tədbirlərinin əks olunmasına nəzarət etmək”. Bəlkə bunu “təmin etmək” yazsaq, daha düzgün olar. Bu həmin maddəni bir qədər də gücləndirər. Nəzərə alsaq ki, bütün yaşayış və sənaye obyektlərinin layihələr müvafiq dövlət qurumları tərəfindən təsdiq olunur, məncə, elə “təmin etmək” sözlər bura daha uyğun gəlir.
Bir məsələni də söyləmək istəyirəm. Son zamanlar bizdə yeni yaşıllıqların salındığı yerlərdə sahibkarlar tərəfindən bəzən Azərbaycan təbiətinə bir qədər uyğun olmayan ekzotik ağacların əkilməsinə meyl göstərilir. Onlar, təbii ki, əksər hallarda yeni mühitə uyğunlaşa bilmir. Onlarla yanaşı köhnə yaşıllıqlar da, təəssüf ki, sıradan çıxır. Ona görə layihəyə bəlkə də belə bir maddənin əlavə edilməsinə və yaxud da bu fikrin haradasa başqa bir maddədə əksini tapmasına ehtiyac var: “Azərbaycan florasını təşkil edən ağac və digər bitkilərin qorunması və yaşıllaşdırılan sahələrdə onlardan geniş istifadə edilməsi üçün tədbirlərin görülməsi”.
Bütövlükdə qanunu müsbət hesab edirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalının, deyəsən, sualı var. Buyurun.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Mən Gülçöhrə xanımın layihənin müzakirəsinə çox peşəkar yanaşmasını müdafiə edirəm. Əlbəttə, çox faydalı məsləhətlər verdi. Sadəcə olaraq, hörmətli Oqtay müəllim, Sizin səlahiyyətinizə hər hansı şəkildə müdaxilə etmədən və dəyərli millət vəkillərinin söz demək hüquqlarına kölgə salmadan, xahiş edərdim ki, ikinci oxunuşun predmetinə uyğun olan çıxışlar etsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ ol. Sən mənə dəstək verdin. Həmişə bunu deyirəm. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Əvvəla, çox ciddi və vacib qanun layihəsidir. Bu qanun layihəsini hazırlayanlara məndən əvvəl də təşəkkür elədilər, təbii ki, mən də təşəkkürümü çatdırıram.
Mənim iki təklifim var. Əvvəla, mən ekologiya nazirinə təşəkkür edirəm ki, Azərbaycanda bu dəqiqə çox böyük yaşıllaşdırma işi aparılır. Buradan Ələt və ya Şamaxı istiqamətində gedərkən görürük ki, yol kənarlarında meşələr salınıb. Başqa yerlərdə də bunu görürük.
Naxçıvanı nümunə gətirmək istərdim. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun əməyini xüsusi qiymətləndirirəm. Naxçıvanda iməcilik yolu ilə elə gözəl meşələr salınıb ki, bilinmir, sünidir, ya təbiidir. Bizim qəzetlər tənqid eləyir ki, Naxçıvanda müəllimləri iməciliyə çıxarırlar. Yaxşı eləyirlər, çıxarırlar. Meşə salmağa çıxarırlar, ev tikməyə aparmırlar ki. Qoy başqaları da naxçıvanlılardan nümunə götürsünlər. Düzdür, indi rayonlarda da icra başçıları yaşıllaşdırma sahəsində ciddi işlər görürlər. Amma hər halda mən Naxçıvan təcrübəsinin bütün ölkədə yayılmasının tərəfdarıyam. Əlbəttə, Azərbaycanda Heydər Əliyev Fondunun da, Yeni Azərbaycan Partiyasının da tez-tez ağac əkmə kampaniyaları olur və bunların da səmərəsini görürük. Amma məncə, bu yöndə işləri bir qədər də artırmaq lazımdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Buna Eldar müəllim özü də, Gülçöhrə xanım da toxundular. Onlar da dedilər ki, yaşıllaşdırmada Azərbaycanın öz ağaclarından istifadə eləmək daha yaxşı olar. Yəni palıd ağacımız var, şam ağacımız var, eldar şamımız var, xan çinarlarımız var. Bunları əkmək lazımdır, Palma ağacları ekzotikdir, gözəldir. Amma baxırsan, əkiblər, işıq dirəklərinə oxşayır. Üstündə bir şey də yoxdur, yaşıl yarpağı da yoxdur. Ələt yolunun solunda bir 5 min dənə əkiblər, sanki işıq dirəkləridir. Onun biri 20 min, 30 mindir. Ondansa elə dirək alıb əksinlər də. Biri bir manatdır. Yəni dediyim odur ki, yaşıllaşdırmada öz ağaclarımızdan istifadə olunmalıdır.
Oqtay müəllim, bir təklifim də var. Bayaq da dedilər burada. Sərsəng su anbarı var. Orada ermənilər oturub, Yezid kimi suyu kəsiblər. Qışda lazım olmayanda suyu buraxır, bütün Qarabağın əkin sahələrini məhv eləyirlər. Elə k içməyə və ya təsərrüfata su lazım olur, suyu bağlayırlar. Əslində, elə bu məsələ də yaşıllaşdırmaya, ekologiyaya aiddir. O Sərsəng su anbarını Azərbaycan dövləti tikib.
Mən demirəm, ermənidən xahiş eləyək, deyək, bunu elə, bunu eləmə. Vacib deyil. Azərbaycanın pulu da var, qüdrəti də var, iqtisadiyyatı da var. Mən o ərazidə yaşayan adamlardan biriyəm. Sərsəng su anbarının önündə bir su anbarı da tikmək mümkündür. Çox böyük bir xərc də tələb eləmir. Yəni ermənilərin bizə lazım olmayanda açıb buraxdıqları suyu həmin su anbarına yığmaq mümkündür. Bunu edəriksə, gələcəkdə həm Sərsəng su anbarından ermənilərin bizə ziyan vurmaq üçün istifadə etmək cəhdlərinin qarşısını ala, həm də yeni su anbarındakı sudan Qarabağın torpaqlarının suvarılması üçün istifadə eləyə bilərik.
Mən, təbii ki, qanunun lehinə səs verəcəyəm. Bu qanun ölkəmizdə yaşıllıqların mühafizəsinə, yaşıllaşdırmaya xidmət edir. Amma bir daha deyirəm, rayonlarımızda Naxçıvanın təcrübəsindən istifadə eləsələr, Azərbaycan yamyaşıl olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu Sərsəng su anbarından biz çox danışdıq. Bir şeyi nəzərə çatdırım ki, dünyada “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə və istifadəsinə dair” beynəlxalq Konvensiya var. Ermənistan neçə ildir ki, bu Konvensiyaya qoşulmur. Amma Azərbaycan hər yerdə bu məsələləri qaldırır. İndi yəqin ki, gücümüz çatanda o məsələ həll olunacaq. Bu məsələlər heç vaxt yaddan çıxmır. Millət vəkilləri Sərsəng su anbarı haqqında məsələni bir çox beynəlxalq təşkilatlarda qaldırıblar. Görürük ki, Ermənistan heç Birləşmiş Millətlər Təşkilatının qəbul elədiyi qətnamələrə məhəl qoymur. Ancaq bu istiqamətdə işləmək lazımdır. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən ilk növbədə həmkarımız hörmətli Eldar müəllimə minnətdarlığımı bildirmək istəyirəm. Bizim parlamentdə təmsil olunan hər bir komitə rəhbəri millət vəkillərinin səmərəli təkliflərini nəzərə alır. Amma müzakirə etdiyimiz layihədə təkliflərin xüsusi şriftlərlə ayrılması sübut edir ki, parlament üzvlərinin ölkənin yaşıllaşdırma işinə, ekologiya həyatına göstərdiyi münasibəti Eldar müəllim komitə rəhbəri olaraq lazımınca dəyərləndirib, qiymətləndiribdir. Buna görə xüsusi olaraq minnətdarlığımı bildirirəm.
Əlbəttə, biz nə qədər ağır olsa da etiraf eləməliyik ki, Azərbaycanın ekoloji həyatına zərbəni ermənilərlə bərabər, – çox təəssüf ki, bu sözü az qala sinonim kimi deyirik, – özümüz də vurmuşuq, o ekosidin aparılmasında rol oynamışıq, “ağacların soyqırımı” kimi ifadələri də özümüz ərsəyə gətirmişik. İndi artıq bir çox ağacların yerinin əvəzində qalxmış göydələnlər bizim ağ ciyərlərimizin normal atmosfer məkanından, təmiz havadan kənarda olduğunu bizə hiss etdirməkdədir.
Yaşıllıq onun obyektlərinin hər hansı bir formada nəzərə alınmasını özündə ehtiva edir. Təəssüf ki, biz zeytun bağlarından başlayaraq bir çox belə obyektlərin axırına çıxmışıq. İndi yaşıllıqların qorunması, mühafizəsi üçün hüquqi baza yaradılır. Bu çox gözəldir.
Cənab Sədr, təxminən 1 il bundan əvvəl Azərbaycan televiziyasında ölkəmizin bölgələrindən birində kiçik bir qəsəbənin salınmasını əks etdirən bir süjet getdi. Bəlli oldu ki, həmin kiçik qəsəbəni tikib qurtarandan sonra yadlarına düşüb ki, əsas yolu unudublar. Sonradan müxtəlif adamların, el dili ilə məhəllələrin hesabına hansısa bir ictimai yol yaratmalı oldular.
Biz niyə, məsələn, 5 min, 7 min, 10 min əhalisi olan yaşayış məntəqələrində, heç olmasa, köçkünlər üçün salınan qəsəbələrdə o əraziyə nə qədər yaşıllıq zolağının düşməli olduğunu, yəni bunun kvotasını qanunla müəyyənləşdirməyək? Niyə bu yaşıllıqların yerini və həcmini kimsə özünün zövqünə, baxışına uyğun müəyyənləşdirmiş olsun? Bu niyə planlı siyasət kimi həyata keçirilməsin? Biz səfər etdiyimiz bütün Avropa ölkələrində bunun şahidi olmuşuq, yəni Avropa dövlətlərinin hamısında bu var.
Xaricdə olarkən çox yerləri ölkəmizlə müqayisə edir, dünyanın istənilən ölkəsində Azərbaycanın bir guşəsini görürük. Berlinə gedirik, orada Yasamala oxşarlıq tapırıq, Səbail ərazisinə oxşarlıq tapırıq, amma ağaclarımıza görə oxşamırlar. Ona görə də mən hesab edirəm ki, yaşıllıq məsələsi, heç olmasa, yeni yaşayış massivlərində tikinti-arxitektura siyasətinin önəmli bir hissəsi olmalıdır.
Yaşıllıq yalnız bir görkəm, ekzotik məkan yaratmaq üçün deyil. Zamanında müxtəlif həmişəyaşar ağacların arasında, heç olmasa, dörd ağacdan bir meyvə ağaclarının da əkilməsi nəzərə alınırdı. Bunun mənası vardı. Məqsəd heç də o deyildi ki, biz, sadəcə, barsız ağaclar əmək, yaşıllıq görünsün. Yox. Bakıda yaşayan çox insanlar var ki, onların heç vaxt həyətyanı sahəsi olmur. Bunların balalarının gözü həmişə bazardan gələn meyvəyə dikili qalır. Şahlar müəllimin zamanında hamımız qanunun fəlsəfəsindən danışırdıq. Mənə elə gəlir ki, bu ağaclar da bir fəlsəfədir və bu barsız ağaclardan ibarət yaşıllıqları da barsız insanlar yaradırlar.
İtaliyadan Yunanıstana qədər ən müxtəlif ağacları daşıyıb gətirmişik. Şükür olsun, 11 iqlim qurşağının 9-u bizdə var. Heç olmasa, bu iqlimə, Bakının sərt küləklərinə tab gətirən ağaclar gətirək. Mən elə hesab edirəm ki, bunlar qanunla tənzimlənməlidir.
Nazirlər Kabinetinin bu il aprelin 14-də keçirilmiş müşavirəsində cənab Prezident şəhərdə ağacların qanunsuz kəsilməsi məsələsini bir daha qabartdı. Təbii ki, biz indi Yekaterina zamanındakı kimi küçədə olan hansısa bir kiçik yaşıllığın mühafizəsi üçün 3 nəfər nəzarətçi, hüquq mühafizə orqanının təmsilçisini qoyası deyilik. Ancaq düşünürəm ki, ən azı 1-ci kateqoriya, 2-ci kateqoriya, 3-cü kateqoriya yaşıllıq əraziləri deyilən bir prinsipi müəyyənləşdirmək mümkündür. Meşələr aydındır, başa düşdük, ikinci zolaqları da anladıq. Amma şəhərin əsas yolları qırağında olan ağacların pasportlaşdırılması lazımdır.
Ona görə də düşünürəm ki, biz ağacların qorunması, yaşıllıqların uçota alınması, mühafizəsi üçün pasportlaşmanı mühüm bir prinsip kimi qəbul etməliyik. Mən ən azı bunu Berlində görmüşəm. Görmüşəm ki, ağacların üstündə sanki onun pasport nömrəsi var. Mənim aləmimdə ağaclar bizim kimi canlıdırlar və onların kəsilməsinə münasibət daha sərt olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Birincisi, Sizin söylədiklərinizin çoxu bu qanun layihəsində var. İkincisi, Bakı inkişaf edən bir şəhərdir. Deyirsən ki, göydələnlər tikilir. Göydələnlər tikilməlidir. Bu, şəhərdir, o göydələnlərdə insanlar yaşayırlar. Ancaq bu o demək deyil ki, o göydələnləri tikənlər mövcud yaşıllıqlara ziyan vurmalı və ya onları məhv etməlidirlər. Hər hansı bir layihə, hər hansı bir yenilik ortaya gəlirsə, layihə institutları var, o institutlara göndərilən sənədlər Ekologiya Nazirliyinə də göndərilməlidir. Onun da razılığı olmalıdır ki, yeni binaların tikildiyi yerlərdə yaşıllaşdırma yüksək səviyyədə nəzərə alınsın.
Amma yaşıllaşdırmada hər cür ağacdan istifadə oluna bilər. Fərqi yoxdur, istər meyvə ağacı olsun, istər adi ağac olsun. Əgər bizim ağ ciyərimizdən danışırıqsa, Amazon meşələri bizdən 10 min kilometr uzaqlıqdadır. Ancaq Amazon meşələr dünyanın ağ ciyəri sayılır. Ağac nə qədər çox əkilər və nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Ölkəmizdə hər il minlərlə ağac əkilir. Bir yerdə ağac kəsilərsə, on yerdə əkilməlidir.
Mən sizin fikirlərinizlə razıyam, bu qanun çox lazımlı qanundur. Dövlət başçımız da yaşıllıqlara münasibətdə qəti mövqeyini ortaya qoydu. Güman edirəm ki, gələcəkdə Ekologiya Nazirliyi ilə yanaşı, layihə institutları da layihələrdə yaşıllıqların mühafizəsi və artırılması məsələlərinə xüsusi diqqət yetirəcəklər.
Deyəsən, bu məsələ hamının ürəyincədir, çıxışlara yazılanlar çoxalıb. Mən hesab edirəm ki, bu haqda qədərincə danışdıq. Eldar müəllimin əgər bir sözü, cavabı varsa desin, sonra səsverməyə keçək. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Bu qanun layihəsinə verdikləri qiymətə görə mən hörmətli həmkarlarımın hamısına minnətdarlığımı bildirirəm. Qanunun vacibliyini, aktuallığını qeyd etdilər.
Burada hörmətli Gülçöhrə xanım üç məsələyə toxundu. Gülçöhrə xanım, 2.2-ci maddədəki müddəa daha çox gələcək zaman üçün nəzərdə tutulur. Burada elə hörmətli Sədrimiz Sərsəng su anbarı ilə əlaqədar çox gözəl dedi. Bu ona görə belə yazılıb ki, gələcəkdə müəyyən bir problem meydana çıxanda beynəlxalq müqavilələrin normaları tətbiq oluna bilsin.
İkinci məsələ. Təklif etdiniz ki, 6.1.3-cü maddədə xüsusi təyinatlı yaşıllıqlara magistral avtomobil yolları ilə tikinti massivləri arasında salınmış yaşıllıqları da əlavə edək. Bu məsələyə baxarıq, problem deyil. Burada, sadəcə, “magistral” sözünü qabağa salsaq, o, avtomobil yollarına da, dəmir yollarına da aid olacaq.
Üçüncü məsələ. 7.3.5-ci maddə barədə dediklərinizlə tamamilə razıyam. Biz burada fikri dəqiq ifadə edə bilməmişik. Əks olunmasına nəzarət etmək yox, – tamamilə doğru deyirsiniz, – təmin olunmasına nəzarət etmək. Bunu düzəldərik.
Mən Aqil müəllimə Naxçıvanla əlaqədar dediyi fikirlərə görə minnətdarlığımı bildirirəm. Doğrudan da, bu belədir. Şükürlər olsun ki, Azərbaycanda bizim Naxçıvan kimi gözəl, yaşıl şəhərimiz var. Mən özüm də vaxtilə Naxçıvanda işləmişəm. Duzlaq deyilən yol var, Şərura gedən yoldur. O yolun kənarında nə qədər ağac əkirdik, bir qədər sonra quruyurdu. Heç nə edə bilmirdik. Amma indi sağ olsunlar ki, Naxçıvanda artıq yol qıraqlarında ağıllı-başlı meşəliklər salınıb. Bunlar da insan sağlamlığına çox xeyirdir.
Aqil müəllim Sərsəng su anbarı ilə bağlı təklif verdi. Bahar xanım şahiddir, bu ilin fevral ayında ATƏT-in iclasında iqtisadiyyat komitəsində mən bu məsələni qaldırdım. Çox acınacaqlı haldır ki, Oqtay müəllim, Sərsəng su anbarı özü də qəzalı vəziyyətdədir. Bu anbar hər vaxt partlaya və Azərbaycan kəndlərinə böyük zərər verə bilər. Mən elə bilirəm ki, Aqil müəllimin dediyi fikir çox optimal bir fikirdir. O su anbarının qabağında biz haradasa bir anbar da tiksək, həm axıdılan suları yığa bilərik, həm də gələcəkdə orada Allah etməsin, qəza hadisəsi olsa, ikinci su anbarı saxlayar ki, bizim kəndlərimizi su yuyub aparmasın.
Burada Zahid müəllim ağacların pasportlaşdırılması barədə fikir dedi. Layihədə bütün bu müddəalar nəzərdə tutulub. Qanuna bir də baxacağıq. Əgər deputat həmkarlarımız məsləhət bilsələr, – yəni elə böyük təkliflər də olmadı, – bu qanunu üçüncü oxunuşda da qəbul edə bilərik. Çox sağ olun.
Sədrlik edən. Bəlkə üçüncü oxunuşa özünü saxlayan var. Yoxdur? Mən soruşmalıyam, yoxsa deyəcəklər ki, Milli Məclisdə demokratik hüquqlar pozulur. Onda gəlin qanun layihəsini səsə qoyaq, – layihə 5 fəsildən ibarədir, – I-II fəsillərə bir, III, IV, V fəsillərə ayrılıqda səs verək. Xahiş edirəm, I və II fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.54 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun. III, IV, V fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İndi isə qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun. İkinci oxunuşda qanun layihəsi qəbul edildi.
Belə bir təklif oldu ki, əgər etiraz yoxdursa, qanun layihəsini üçüncü oxunuşda qəbul edək. Çox mükəmməl bir qanundur, üçüncü oxunuşda da münasibət bildirək. Buyurun, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Eldar müəllimin qanunları həmişə güllü-çiçəkl qanunlar olur. Hadi Rəcəblinin qanunları olanda problemlər yaranır, çünki sosial məsələlərdir.
Hörmətli millət vəkilləri, bugünkü iclasımızın gündəliyindəki məsələlərin müzakirəsi sona çatdı. Mən fasilədən qabaq dedim ki, görürəm, çoxunuzun deyiləsi fikirləri, sözləri var. Gündəlikdə məsələlər bitdikdən sonra vaxt qalarsa, cari məsələlərin müzakirəsini bir qədər də davam etdirərik. İndi bizim vaxtımız var, yarım saat, bir saat söhbət edə bilərik. Ancaq icazə verin, birinci mən başlayım. Etirazınız yoxdur? Siz yazılana kimi mən danışaram.
Bu gün iclas keçirdik. Mən də çıxış etdim, həmkarlarımız da çıxış etdilər. Hələ çıxışlar qurtarmamış artıq mətbuatda yazırlar ki, parlamentin sədri müsahibə verməyi deputatlara qadağan etdi. Bu bir. İkincisi, televiziyaya çıxmağa icazə vermədi. Bu söhbətlər çıxır. Hər şeydən çox o təəssüf doğurur ki, Milli Məclisdə bu qədər məsələlər həll olunduğu, bu qədər vacib qanunlar qəbul edildiyi halda yazanlardan biri də bu haqda müsbət bir şey demir, ancaq hansısa neqativ tapıb ondan danışmaq istəyir.
Təəssüflər olsun ki, hərdən biz özümüz də belə neqativlərin ortaya çıxmasına rəvac veririk. Misal üçün, büdcənin müzakirəsi istisna olmaqla Milli Məclisin iclasları ayda iki dəfə keçirilir. Bu bizim hamımızın birbaşa iş yeridir. Düzdürmü? Ayda iki dəfə iclas olan vaxtda görürük ki, biri yarım saat gecikir.
Bir az bundan qabaq səsvermədə çox xoşagəlməz bir halla qarşılaşdıq – yetərsay olmadı. Nəyə görə? Ona görə ki, beş nəfər 10 dəqiqə gecikdi, beş nəfər günün birinci hissəsində gəldi, ikinci hissəsində gəlmədi. Bizim başqa nə işimiz var? Biz deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük ki, bu iclasları keçirəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Lap mətbuat da eşitsin, nə olar?
Bizim bəzi deputatlarımız hərdən öz birbaşa borcunu unudur, Milli Məclisin iclasına gəlmir, hansısa tədbirlərə gedirlər. Hansı tədbir, nə tədbir, Milli Məclisin iclasından vacib tədbirmi var? Bir dəfə demirik, iki dəfə demirik. İclas günü tədbir olanda deyin, mən o tədbirdə iştirak edə bilməyəcəyəm. Çox vacib tədbirlər bəlkə istisna ola bilər. Yoxsa hər dəfə biri bir tədbirə gedir. Kimisi də günün birinci yarısında gəlir, fasilədən sonra yoxa çıxır. Biz özümüz özümüzə bir balaca hörmət etməliyik, elə etməliyik ki, artıq söhbətlər yaranmasın.
Vaxtilə Milli Məclisin iclasları həftədə iki dəfə keçirilirdi. O vaxt Azərbaycan yeni dövlət idi. Hər həftə yeni qanunlar qəbul olunurdu. İndi əsasən qanunlara dəyişikliklər üzərində işləyirik. Ona görə biz elə etmişik ki, ayda iki dəfə komitələrin, iki dəfə də Milli Məclisin iclasları keçirilsin. Hərdən bir az problem yaranır. Bizi “çox istəyənlər” də bundan yaxşı istifadə edirlər. Biri bir şey yazır, o biri başqa şey yazır. Bu bizə lazımdırmı? Əvvəllər həmişə deyirdik ki, üç deputatın bir telefonu var. İndi maşallah, hər kabinetdə bir hökumət telefonu var.
Qəzetlər nə yazırlar yazsınlar, özləri bilərlər. Deputatlardan ötrü yeni korpus tikilib, komitə sədrlərindən başqa, deputatların 70 faizin mən kabinetində görməmişəm. Yaxşı, əgər kabinetlərə gəlməyəcəksiniz, ekspertlərimizin iş şəraitini yaxşılaşdıraq, otaqları onlara verək, gedib otursunlar. Bu sizin iş yerinizdir. Heç olmasa, hərdən gəlin, qapısına baxın. Çoxunun haradasa ofisi var, Allah artıq eləsin, ofisi də olsun. Amma bura sizin iş yerinizdir. Əgər mənim sözümdə bir yanlış varsa, deyərsiniz.
Bir məsələ də. Biz hamımız burada sakit, normal iş şəraitinin olmasını istəyirik. Hamımız mobil telefonlardan istifadə edirik. Amma iclasda telefon zəngi eşidilməməlidir. Vacib işin var, telefonu vibrasiya rejiminə qoy. İclas gedir, oradan bir zəng, buradan bir zəng səslənir. Nə qədər olar bu? Bir dəfə demişik, iki dəfə demişik. Elementar şeylərdir. Demək də bir az yaxşı çıxmır.
Yazırlar, Milli Məclisdə etika normalarına riayət olunmur. Onu yazanlar özləri etikasız adamlardır. Milli Məclis haqqında danışan adam gərək öz cavabdehliyini başa düşsün. Milli Məclis dövlətin bir qoludur, xalq tərəfindən seçilmiş bir qurumdur. Biz birinci növbədə özümüz özümüzə hörmət etməliyik ki, hər hansı bir beynəlxalq təşkilat, hər hansı bir QHT Milli Məclis barədə ağzına gələni yazmasın. Bunu deməyi mən özümə borc bildim. Xahiş edirəm, məni düzgün başa düşün.
İnd kimin nə sualı, sözü var, buyursun. Çingiz Qənizadənin sualı var. Buyur.
Ç.Qənizadə. Çox sağ olun. Oqtay müəllim, əslində, sualım yoxdur, təklifim var. Hörmətli həmkarım Zahid müəllim təbiətin mühafizəsindən danışanda xanım Yekaterinadan misal gətirdi. Mən belə hesab edirəm ki, bu xanımın adını çəkməyə dəyməz. Gələn iclaslarda çəkinək. Bu, siyasi gərginliyə gətirib çıxara bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi sən hansı fikirdəsən bilmirəm, niyə gərginlik olacaq? Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən cəmiyyətdə gedən proseslər, dedi-qodular, yersiz yazılar barədə Sizin bugünkü plenar iclasın əvvəlində söylədiyiniz fikirlərlə tamamilə razıyam və bu fikirləri dəstəkləyirəm. Əslində, Siz bütövlükdə sağlam ictimaiyyətə böyük bir mesaj göndərdiniz. İndi bunu hörmətli mətbuat işçiləri özlərinə sərf etdiyi kimi qiymətləndirirlərsə, bu başqa məsələ.
Mən Sizdən bir şey xahiş etmək istəyirəm, hörmətli Oqtay müəllim. Milli Məclisdə akkreditə olunan hörmətli mətbuat işçilərinə tövsiyə edin ki, yuxarı lojadan millət vəkilini boynunun ardından çəkib ekran vasitəsilə nümayiş etdirməsinlər. Bunun özü etikaya zidd hərəkətdir.
Milli Məclis dövlətin bir qoludur, ali qanunverici orqandır. Milli Məclisin Mətbuat katibliyi var və akkreditə olunmuş jurnalistlər lazım bilinən süjetləri, çəkilişləri Sizin tapşırığınıza uyğun olaraq alıb ictimaiyyətə çatdıra bilərlər. Bu məxfi bir orqan deyil. Ona görə belə yararsız görüntüləri ictimaiyyətə çatdırmaqla Milli Məclisi və Milli Məclisə seçilib göndərilən millət vəkillərini hörmətsiz etməsinlər. Mən bunu Sizdən rica edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sizin yadınızdadırsa, əvvəllər Milli Məclisin içində hərə əlində bir kamera ilə gəzirdi. Sonra dünyada mövcud olan qaydaya görə biz dedik, Milli Məclisin içərisində kamera ilə gəzmək olmaz. İndi görürsünüz ki, zalda hətta AzTV-nin də kamerası yoxdur. AzTV bütün çəkilişləri Milli Məclisin televiziyasından götürür və oradan verir. Ancaq bu televiziyalar da bizim televiziyalardır. Biz hesab etdik ki, kamera iclasın gedişinə mane olmursa, kənardan çəkilişə icazə vermək olar. İndi pis çıxmasın, hər televiziyanın öz qabiliyyətinə aiddir, nəyi çəkib necə verir.
Mən hesab edirəm ki, icazə verdiyimiz kameraları təzədən buradan çıxarmaq doğru olmaz. Kameralar çəkirlər, ancaq kim isə bayaq dediyim kimi, artıq söz-söhbət, dedi-qodu yaratmaq istəyirsə, hər şey hamının gözü qabağındadır, hamı görür, hamı başa düşür. Amma belə hallar davam etsə, biz bu məsələyə qayıdıb baxa bilərik. Fəzail Ağamalı.
F.Ağamalı. Mən çıxış etməkdən imtina etdim.
Sədrlik edən. Xahiş edirəm…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həmişə belə narazılıq bildirirsiniz. Yazılmısınız, çox gözəl. Bizdə qaydadır, sualı olana növbədənkənar söz veririk. Ağamalı imtina etdi. Mübariz Qurbanlı.
M.Qurbanlı. Oqtay müəllim…
Yerdən. (Eşidilmir.)
M.Qurbanlı. Elmira xanım, bircə dəqiqə, üzr istəyirəm. Mən uzun danışmağı xoşlamıram. Oqtay müəllim, bax çox yaxşı bir presedent yaratdınız. 30 dəqiqəni günün ikinci hissəsinə keçirin.
Sədrlik edən. Yəni demək istəyirsən ki, günün birinci yarısında jurnalistlər çox olur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hanı? Yoxdur jurnalistlər. Əslində, günün birinci yarısında ayırdığımız o 30 dəqiqə gündəliyi müzakirə etmək üçündür. Əfsus ki, bunlar gündəliyin müzakirəsindən başqa müzakirələrə keçirlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı, sualı buyur, xahiş edirəm.
F.Ağamalı. Mən çıxış etməkdən imtina etdim. Düşündüm ki, ehtiyac yoxdur. Oqtay müəllim, mən Sizin tezislər formasında demiş olduğunuz fikirləri tamamilə dəstəkləyirəm və düşünürəm ki, Milli Məclisin nüfuzu üçün təkcə sədarət deyil, eyni zamanda, hər bir millət vəkili məsuliyyət daşımalıdır. Ona görə də bizim ünvanımıza deyilən hər bir sözə hər bir millət vəkili dərhal reaksiya verməlidir. Çünk Milli Məclis millət vəkillərindən təşkil olunubdur. Əgər Milli Məclisin ünvanına qeyri-obyektiv, qərəzli bir söz, böhtan, iftira səslənirsə, bu, bütövlükdə hər birimizin ünvanına deyilən böhtan və iftiradır.
Ona görə də mən çox dəyərli həmkarlarımdan xahiş edirəm ki, belə böhtan və iftiralara biz bir komanda kimi cavab verək. Yəni birimiz deyib, digərimiz o jurnalisti dəstəkləməyək, gedib ona palaz-palaz müsahibələr verib, xoşuna gəlmək üçün addımlar atmayaq. Mən bunu demək istəyirəm.
Bu bir, ikinci. Çox hörmətli Oqtay müəllim, Siz deyirsiniz ki, hər bir deputatın bir telefonu var. Çox sağ olun, Siz şərait yaratmısınız. Dövlətimiz sağ olsun, bizə geniş imkanlar yaradıb, yaxşı şərait var və sair. O telefonu götürən var? Yoxdur. Kimə zəng vurursan, cavab vermir. Ən yaxşı halda katibəsi götürür, deyir ki, məşğuldur, obyektdədir, sahədədir və sair.
Üçüncü məsələ. Biz burada ən müxtəlif sahələrlə bağlı məsələlər qaldırırıq. Bax bu gün məsələ qaldırıldı ki, Fransanın və Amerika Birləşmiş Ştatlarının səfirlikləri 1961-ci ildə qəbul olunmuş “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının müddəalarını pozub. İndi mən bilmək istəyirəm görüm, bizim burada qaldırdığımız məsələ xarici işlər nazirinə çatdı, çatmadı. Bax bunu bilmək lazımdır. Yəni burada millət vəkillərinin qaldırmış olduğu məsələlər yerlərdə hökmən müsbət reaksiya ilə müşayiət olunmalı və ona cavab verilməlidir.
Çox təəssüf edirəm, bəzi icra strukturlarında, – əlbəttə, çoxlarında yox, bəzilərində, – Milli Məclisə, millət vəkillərinə ironiya var, xoşagəlməz münasibət var. Bunları götürmək lazımdır. Yəni sözüm ondadır ki, bu hamımıza ünvanlanmış bir məsələdir və elə etməliyik ki, biz ironiyanın obyektinə çevrilməyək. Çox sağ olun.
Sədrlik edən. Onu birinci növbədə özümüz etməli, hərdən öz hərəkətlərimizə də diqqət etməliyik. Yəni mən xırdalamaq istəmirəm. İndi telefonu götürmürlər, bəlkə çox məşğuldurlar, bəlkə obyektlərdə suvarma ilə və ya başqa bir vacib işlə məşğuldurlar, çox işləri var. Onu deyə bilmərəm. Ancaq telefon var, telefonu götürməlidirlər. Hökumət nömrəsidir, ondan başqa bizim hələ ki, nömrələrimiz yoxdur. Elmira Axundova.
E.Axundova. Sağ olun, cənab Sədr. Mənə irad tutmusunuz. Mən də həmkarlarıma həmişə hörmət edirəm və bir keçmiş jurnalist kimi irad tuturam ki, suala yazılan dörd nəfərdən ikisi məndən sonra idi, məndən qabaq söz alıb. Heç biri də sual verməyib, çıxış edib. Mən bir dənə də sual eşitmədim.
İkinci, mənim hörmətli həmkarlarım dövri mətbuatı qınayırlar, deyirlər ki, jurnalistlər burada ancaq qalmaqalla maraqlanır, ancaq söz atışmalarını görürlər. Mən qismən də olsa, bu fikirləri sizinlə bölüşürəm. Məndə də dövri mətbuata iradlar çoxdur. Həqiqətən, burada ciddi söhbətlər də gedir, ciddi təkliflər də verilir.
Mən sizə bir misal gətirim. Bu gün mən I qrup əlillərdən, onların acınacaqlı vəziyyətindən söhbət açıb demişdim ki, onların ailə üzvləri xidmət pulları almırlar və bu böyük problemdir. Çox insanlar məndən bu problemi qaldırmağımı xahiş ediblər. Açıram saytları, baxıram: Ziyafət Əsgərov Fərəc Quliyevə söz atıb, Oqtay Əsədov filankəslə söz qalmaqalı edib... Mənim təklifim isə heç bir yerdə əks olunmayıb. Mən demirəm ki, mənim dediklərim mütləq əks etdirilməlidir, demək istəyirəm ki, iclas zamanı Oqtay müəllim mənə və mən ona nə isə deyə bilərik. Bu, iş prosesində olan bir şeydir.
Mən özüm redaksiyada, qəzetlərdə işləmiş insanam, bilirəm, bizim redaksiyamızda necə qalmaqallar olur. Baş redaktor işçisinə ağzına gələn deyə və işçi də ona cavab qaytara bilər. Bu demokratik cəmiyyətdir. Amma redaksiyanın işini bilən insan kimi mən sizə açıq deyirəm ki, redaksiya kim qapalı, totalitar bir cəmiyyət yoxdur. Onlarda əsl totalitarizmdir və bu düzdür, çünki bu istehsalatdır. Necə ki, kinoda kinorejissor diktatordur və kinoqrupda totalitar rejim hökm sürür. Rejissor başqa cür edə bilməz, çünki kino işi də istehsalatdır, orada çox böyük nizam-intizam olmalıdır. Amma bizə gələndə qəzet işçiləri bizdən nə isə başqa şeylər tələb edirlər.
Burada mənim bir çox həmkarlarım deyirlər ki, biz özümüz ayıq olaq, belə şeylərə icazə verməyək. Bunlar hamısı boş şeydir, ay həmkarlarım. Biz demokratik cəmiyyətdə yaşayırıq. Siz onlara necə icazə verməyəcək və ya cavab verəcəksiniz? Həmin qəzet heç vaxt sənin cavabını çap etməz. Bunu da biləsiniz. Məndə vaxtilə “Azadlıq” qəzeti ilə böyük bir konflikt yaranmışdı. Yazmışdılar ki, mən “Azadlıq” radiosundan çıxarılmışam və sair və ilaxır. Əlbəttə, bu cəfəngiyat idi. Mən onlara cavab yazdım. Cavabımı çap etmədilər və mən bunu “Bakinski raboçi”də çap etdirməli oldum.
Ona görə Oqtay müəllim, mən 5 il qabaq bir təkliflə çıxış etmişəm və indi də həmin şeyi Sizə çox ciddi bir şəkildə təklif edirəm. Çox xahiş edirəm, hamı məni dəstəkləsin. Özümüz haqqında normal bir imic yaratmaq üçün Türkiyədə və Gürcüstanda olduğu kimi bizə də öz telekanalımız lazımdır, vəssalam.
Sədrlik edən. Elmira xanım, bax indi iki dəqiqənin içində Siz çıxış edib mənə deyirsiniz ki, guya mən mətbuata qarşı çıxdım, Siz isə jurnalistsiniz, mətbuatın tərəfindəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxışın əvvəlindən belə çıxdı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Mən mətbuata qarşı nə danışmışam?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən onu bəzi jurnalistlər haqqında demişəm. Mən mətbuata qarşı deyiləm. Bax Sizin bu sözdən sonra qəzetlər yazacaqlar ki, Oqtay Əsədov mətbuata qarşı çıxdı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, sənin dediyindən belə çıxdı ki, mən mətbuata qarşı...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm, qulaq asdım Sizə. Biz heç vaxt jurnalistlərə, mətbuata qarşı bir şey danışmırıq. Biz deyirik ki, jurnalistlər Milli Məclisin işini normal işıqlandırmırlar. Milli Məclisdə onlarla, yüzlərlə müsbət fikir səslənir. Bundan heç nə danışmırlar, amma Sizin dediyiniz kimi, iki dəqiqənin içində qəzetdə bu yazıları yazırlar. Söhbət bundan gedir. Qaldı ki, bizdə televiziya da var, iclaslar da çəkilir. Sizin dediyiniz birbaşa televiziyaya isə biz hələlik hazır deyilik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
E.Axundova. Tamamilə razıyam ki, biz mətbuat haqqında pis söz demirik, biz, sadəcə olaraq, tənqid edirik. Tənqidə də ixtiyarımız var. Mənə elə gəlir ki, onlar da bunu ciddi və sağlam bir tənqid kimi qəbul edərlər. Mənim sözümün canı başqa şeydir. Siz deyirsiniz ki, biz hazır deyilik. Nəyə görə axı biz hazır deyilik? Milli Məclisin birbaşa translyasiyasından söhbət getmir.
Oqtay müəllim, mən bir sıra Avropa ölkələrində olmuşam. O ölkələrin, demək olar ki, hamısında, eləcə də Türkiyədə belə telekanallar var. Doğrudur, bu telekanalların auditoriyası kiçikdir. O telekanallara tamaşaçıların bəlkə 5 faizi, 10 faizi baxır. O telekanal gündə iki saat, üç saat translyasiya olunur. Amma parlamentin, deputatların işi ilə maraqlananlar oradan məlumatlar əldə edə bilirlər.
Milli Məclisdə çox ciddi məsələlər müzakirə olunur. Komitələrdə çox maraqlı ictimai müzakirələr gedir. Biz bölgələrdə böyük işlər görürük. Amma cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya deputatlar iki həftədən bir buraya gəlir və ondan başqa heç bir iş görmürlər. Axı bu belə deyil. Bax biz hamımız bu yaxınlarda bölgələrdən qayıtmışıq. Orada nə boyda işlər görürük. Biz başqa işlər də aparırıq, amma bu barədə cəmiyyət heç nə bilmir. Öz telekanalımız olsaydı, biz bu barədə məlumat verər, qanunları şərh edər, insanlara qanunları başa sala bilərdik. Yəni bu kanal çox böyük hüquqi və maarifləndiric bir iş görə bilər.
Sədrlik edən. Elmira xanım, bax bizim indi öz telekanalımız yoxdur, ancaq dörd televiziya kanalının nümayəndələri kameraları ilə oturublar burada. Hər gün axşam televizoru açıb baxırsınız. O telekanalların hansında görmüsünüz ki, Milli Məclisin iclası haqqında normal bir veriliş hazırlanıb efirə verilsin? Görmüsünüz? Görməmisiniz. Ancaq bir adam başını qaşıyan kimi sabah o kanalda göstərirlər ki, filankəs başını qaşıdı. Burada televiziya kanallarından akkreditasiya olunmuş jurnalistlər varsa, onlar normal işləməlidirlər. Söhbət bundan gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən yenə deyirəm, audioyazıda Sizin çıxışınızı bu saat mikrofona qoşub, dediyiniz sözlər təkrar səsləndirə bilərəm. Başlanğıcda Sizin sözünüzdən belə çıxdı ki, Siz köhnə jurnalistsiniz, jurnalistləri yaxşı tanıyırsınız, burada jurnalistlərə irad tutuldu. İrad tutulmur, bəzi jurnalistlərə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sonra dedin, qoşulursan da, əvvəl qoşulmamışdın. Hələ o televiziya yoxdur, başlayırıq populist çıxışlar etməyə. Ona görə bunlara bir az fikir verməliyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif verdiniz, eşitdik, qəbul etdik. Zahid Oruc. Buyur.
Z.Oruc. Cənab Sədr, mən Sizə xüsusi olaraq təşəkkür etmək istəyirəm. Dünyanın istənilən ölkəsinin parlamenti ilə özümüzü müqayisə edirik. Onlarda sədarətlə salon arasında bir mənzərə yaşanır. Salon daha çox söz demək, daha çox zaman xərcləmək, daha çox diskussiyalara yer ayırmaq istəyir, sədarət isə çıxışları məhdudlaşdırmağa, diskussiyaları kəsməyə çalışır. Bizdə əksinədir. İndi hörmətli cənab Sədr təklif edib ki, buyurun, istənilən mövzuya toxunun, fikirlərinizi bölüşün. Zaldan sanki çox ciddi bir təzyiq yaşanmaqdadır ki, tez edin, tez qurtarın və sair.
Əziz dostlar, hər biriniz hər hansı ikinci qurumda rəhbərsiniz. Hər birinizlə təmaslarımız var, bəzən müxtəlif sözlərimizi, ictimai problemləri sizə çatdırırıq. Var olun. Amma bu o demək deyil ki, siz bizə nəyi necə və nə qədər deməyimizi diktə etməlisiniz. Bu birinci.
İkinci məsələ. Hörmətli Çingiz müəllim bilir ki, ona şəxsi hörmətim var. Ancaq mən Kleopatranın da, Yekaterinanın da adını çəkə bilərdim. Kiminsə qəbirə və ya köhnə şəkillərə hər hansı bir nöqteyi-nəzərdən tamahı düşəcəksə, bu onun problemidir. Bu halda o, nekrofil adlanacaq. Mən Yekaterinanın yaşıllıqları mühafizə işindən danışmaq istəmişdim.
Cənab Sədr, mənim təkliflərim var. Əvvəla, burada qeyd olundu ki, parlament hakimiyyətin mühüm qoludur. Onun nüfuzuna xələl gəlməsi bütövlükdə hakimiyyətin mövqeyini bu və ya digər formada zəiflədir. Ona görə parlament nə qədər nüfuzlu olacaqsa, bu, Azərbaycan dövlətinin də maraqlarına o qədər müsbət təsir edəcək. Mən sizin hamınıza xatırlatmaq istəyirəm, parlament danışılan yer deməkdir, susulan yer, sakit dayanılan yer demək deyil. İnciməyin, biz kimi isə danışmadığına görə qınamırıq, amma daha siz də bizi süngü ilə susdurmağa çalışmayın.
Cənab Sədr, burada qeyd olundu ki, bizim bu qədər parlament işi ekranlara normal daşınmır. Çox mümkündür ki, bu gün, həqiqətən, Sizin dediyiniz kimi, bizim məxsusi bir televiziya yaratmaq imkanlarımız yoxdur. Zatən etiraf etmək lazımdır ki, Sizin parlament rəhbəri olduğunuz dönəmdə Milli Məclisin daxili interyer quruluşundan parlament üzvünə hörmət və nüfuz gətirəcək digər tədbirlərədək çox işlər həyata keçirilib, iş şəraiti xeyli yaxşılaşdırılıbdır.
Amma parlament öz nüfuzunun qorunmasını, boynunun arxasının deyil, sözün yaxşı mənasında sifətinin görünməsini istəyirsə, – təbii ki, hamımız bunu istəyirik, – həmin telekanallarla müqavilə bağlayıb onlardan 2–3 saatlıq efir vaxtı ala bilər. Bu təqdirdə parlamentin müvafiq struktur bölməsinin hazırladığı süjetlər daha bir həftə sonra yox, elə iclas günündəcə efirə verilər. Bu olarsa, baş qaşıma, çölə çıxma, foyeyə getmə kimi məqamlar artıq effekt verməyəcək. Onda, doğrudan da, parlament üzvləri tanınacaq və burada, heç olmasa, 40 nəfər parlament üzvünün ideya istehsalçısı olduğu, cəmiyyətin problemlərinin bura gətirildiyi də aydın görünəcək.
Hörmətli Mübariz müəllim çox dəyər verdiyim bir insandır. O qeyd etdi ki, cari məsələlərin müzakirə olunduğu 30 dəqiqə günün əvvəlində yox, sonunda ayrılsa, bu ajiotaj ortadan götürüləcək və onda guya biz artıq danışmayacağıq. Biz bura parlamentin işini cəmiyyətə çıxarmaq üçün gəlmişik və burada televiziyalar olanda danışmaq effekt verir. Amma burada kütləvi informasiya vasitələrinin nümayəndələri olmasa, biz özümüz deyib özümüz eşidəcəyik. Bunun nə effekti olacaq?
Ona görə cənab Sədr, cari məsələlərin müzakirəsi üçün ayrıca bir gün təyin etsəniz, çox gözəl olar. Mən təklif edirəm, bu iclasların keçirilmə vaxtı – əvvəlki dövrlərdə, Azərbaycan SSR Ali Soveti dövründəki reqlamenti də dəyişdirilsin. Bu, nazirlərin və komitə rəhbərlərinin burada təmsil olunduqları dövrlərdəki iş qrafikidir. Onlar səhər-səhər gedib işdə hansısa problemləri həll edib bura gəlirdilər.
Saat 12 insanların faydalı iş əmsalının pik dövrü deyil. Ona görə də saat 2-də insan bəzən mürgüləyə də bilər. Bu təbii bir fiziki hadisədir. İclas saat 11-də başlasın, saat 2-yə qədər davam etsin. Əgər, doğrudan da, zəruri olarsa, davam etmək imkanları olarsa, cənab Sədr, Daxili Nizamnaməni dəyişmək bizim hüququmuzdur. Bütövlükdə götürəndə mən Sizin bu müzakirələri daimi etməyinizi arzu edirəm. Onda heç 125 deputatın buraya gəlməsi tələbi də qüvvədə qalmayacaq. Sağ olun.
Sədrlik edən. Bax elə bu cür çıxışlara görə belə müzakirələrin olmasını istəmirəm. İki dəqiqənin içərisində həmkarının çıxışına dözümsüzlük bildirdin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, biz burada dedik, bir ailə kimi oturub söhbət edək. Biri birinə söz dedi, mən də bunu zarafata keçirdim, məsələ bitdi. Bu söhbəti niyə təzədən qızışdırırsan? Bir-birimizə hörmət etmək o deməkdir ki, hərdən lazım olanda bir-birimizin sözünü də udmalıyıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən özün yerindən hamıdan çox danışırsan, özü də deyirsən, tanınmaq üçün çox danışmaq lazımdır. Çox danışmaq məgər xalqın gözündə yaxşı tanınmaq deməkdir? Adam var ki, üç dəfə danışır, hamıdan yaxşı tanınır.
Bu söhbəti başlayanda mənim fikrim o idi ki, bir-birimizlə davranışımıza yumşaqlıq gətirək, bir-birimizə qarşı bir az dözümlü olaq. Mən fikirləşdim, burada söhbət olanda qısaca hərə öz təklifini verəcək. Hamımız başlayırıq, bir-birimizə dərs deməyə. Fikir mübadiləsi dərs demək deyil.
Deyirsən, dünya parlamentlərində yerdəkilər çox danışmaq, sədarət isə sözü azaltmaq, kəsmək istəyir. Bu da tamamilə yanlış fikirdir. Dünya parlamentlərində belə deyil. Ümumiyyətlə, Milli Məclisin Nizamnaməsini axıra kimi yaxşı oxuyun. Keçən dəfə yazı yazmışdılar ki, Sədrin kiminsə sözünü kəsməyə ixtiyarı yoxdur. Birincisi, Sədr söz kəsmir, Sədr iclası idarə eləyir, lazım olanda sözü kəsə də bilər. Bu məsələlər var. Ümumiyyətlə, biz bir-birimizə həmişə hörmətlə yanaşmışıq. Bir adam deyə bilməz ki, kimsə çıxış eləyəndə mən onun sözünü yarımçıq kəsmişəm. Həmişə imkan vermişik. Amma sədarətin istənilən fikrə münasibətini bildirmək ixtiyarı var. Bu artıq bizim səlahiyyətimizdir. Siyavuş Novruzova mikrofon verin.
S.Novruzov. Təşəkkür edirəm. Cənab Sədr, mən də Sizin dediklərinizlə həmrəyəm. Bir neçə məsələ barədə fikrimi bildirmək istəyirəm.
Bəzən elə bil, dövrü, zamanı səhv salır, düşünürük ki, Qurban Xəlilovun dövründəki parlamentdəyik, sessiya keçiriləcək, sessiyada bizi televiziya ilə göstərəcəklər və sair. Görün indi hansı əsrdir. Bu gün biz yeni informasiyakommunikasiya texnologiyaları əsrində yaşayırıq. Biri yolda gedir, telefonunda baxır, biri aypedində baxır. Televiziya göstərdi, göstərmədi, bunun məsələnin mahiyyətinə nə dəxli? Əgər informasiya vacibdirsə, zəruridirsə, – düzdür, mən qərəzl informasiyaları kənara qoyuram, – bunu verəcəklər, lazım deyilsə, verməyəcəklər.
Televiziyada “Aktual ekran” verilişinə baxanların statistikasını aparın, görün tamaşaçıların neçə faizi ona baxır: 1 faiz, 2 faiz. Xoşqədəmin verilişinə ondan daha çox baxırlar. Cəmiyyətin nəbzini tutmaq lazımdır. İctimai şəbəkədə bir yazıya baxırsan, biri geniş analitik təhlil verib, 118 nəfər oxuyub, bir artistin başqası ilə davasından bəhs edən yazını oxuyanların sayı isə 56 minə gəlib çatır.
İndi tamam başqa dövr, başqa zamandır. Camaat BBC-yə, CNN-ə, Evronyusa baxır, dünyadan informasiya alır. Azərbaycanda olan informasiyalar da bunun tərkib hissəsidir. Cəmiyyətin indi informasiyaya olan tələbatı başqadır. Bu gün biri qazanc, biri təhlükəsizlik, biri başqa bir şey barədə düşünür. Kim hansı informasiyanı məqbul hesab edirsə, onu qəbul edir. Ona görə bizim də bu məsələyə yanaşma tərzimiz başqa cür olmalıdır.
Oqtay müəllim, biz gündə jurnalistlərlə təmasda olan insanlarıq. Hərə bir internet portalı yaradıb, 6 nəfər də uşaq oturdub orada. Yazıb qoyur qabağına ki, bu sualları ver. O da mobil telefonla nömrən yığıb həmin sualları verir. Özü məsələnin mahiyyətini bilmir, nə yazıblar, onu deyir. Təhsili ilə maraqlanırsan, məlum olur ki, heç ali təhsili də yoxdur, orta məktəbi qurtarıb, gəlib. Onu elə aşağı əmək haqqı verməkdən ötrü işə götürüb bu formada istifadə edirlər. Təbii ki, qabiliyyətli, bacarıqlı, savadlı jurnalistlər də var. Savadsız və qabiliyyətsizlərsə ancaq araqarışdırma və qalmaqalla, dedi-qodu yaymaqla gündəmdə qalmağa çalışan insanlardır. Ona görə biz buna diqqət verməməliyik.
Milli Məclis öz fəaliyyətini düzgün istiqamətdə qurub. Cəmiyyət üçün lazım olan qanunlar qəbul edir, müzakirələr aparır, ictimai-siyasi məsələlərə münasibətini bildirir, Azərbaycan xalqını beynəlxalq parlamentlərdə, xarici ölkələrdə təmsil edir və sairə. Kimin buna münasibəti nədən ibarətdir, bu artıq onun problemidir, Milli Məclisin problemi deyil. Biz deputatlar həm parlament daxilində, həm də parlamentdən kənarda əməlimizlə, fəaliyyətimizlə nümunə olmalıyıq ki, kimsə bundan istifadə edib parlament barədə artıq söz deməsin.
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Sağ olun, Oqtay müəllim. Mənim demək istədiklərimdən birini Siyavuş müəllim dedi. Burada televiziya söhbəti çox uzandı. Fikirlər səsləndi ki, parlamentdəki çıxışlarımıza televiziya az yer ayırır. Nə olsun, televiziyada görünmək yəni belə vacibdir? Ondansa gedin, seçicilərinizlə görüşün. Onların sizə daha çox ehtiyacı var. Özü də burada elə bir deputat yoxdur ki, ayda 3-4 dəfə televiziya verilişlərində iştirak eləməsin. Televiziya xəstəliyindən bir az qurtarmaq lazımdır.
Onu da deyim ki, dünyanın heç bir yerində parlamentin ayrıca televiziyası yoxdur. Doğrudur, Türkiyədə kanallardan biri – TRT-3 kanalı parlamentdən reportaj verir, özü də kəsib verir, çünki bir balaca mübahisə olan kimi verilişi saxlayırlar ki, camaat eşitməsin.
Deyildi ki, ayrıca bir parlament televiziyası açaq, bizim gördüyümüz işləri işıqlandırsın. Aqil Abbas seçici ilə görüşsün, onu televiziyada göstərsinlər. Niyə, nə olub ki? Seçicimlə görüşmüşəmsə bu mənim vəzifəmdir. Yəni televiziya xəstəliyindən bir az uzaq olaq.
İkinci məsələ. Bəzən deputatlar sanki özlərini hörmətdən salmağa çalışırlar. Bayaq Fəzail müəllim dedi, nazirlər telefonu götürmür, bizi saymırlar. Mən belə bir şey görməmişəm. 8-9 ildir deputatam və mən görməmişəm ki, kimsə mənim telefon zəngimə cavab verməsin. Zəng edirəm, ola bilər, özü olmur, köməkçiyə deyirəm ki, mən deputatam, işim var. Əl telefonumun nömrəsini vermişəm, mənə zəng gəlib, ya gedib görüşmüşəm, ya da telefonda sözümü demişəm. Çox nazirlər var, telefonu birbaşa özləri götürürlər. Niyə şikayətlənirik ki, nazirlər bizim telefon zənglərimizə cavab vermirlər? Bunu eşidən seçici də deyir ki, bunları saymırlar. Kimi saymırlar? Hansı rayona getmisiniz, qarşınıza çıxmayıblar, hansı rayona getmisiniz, seçici ilə görüş təşkil etməyiblər? Hara getmisiniz sizə ən əziz qonaq kimi süfrə açıblar, hər yerdə hörmət, səmimiyyət görmüsünüz. Qardaşım, kim saymır bizi, kim saymır parlamenti? Belə bir şey yoxdur axı. Kiminsə kiminləsə münasibəti olmaya bilər, onu qəbul eləməz, bu başqa məsələdir.
Üçüncü məsələ. Bayaq Elmira xanım çıxışında “Azadlıq” qəzeti ilə davasını misal gətirdi, Oqtay müəllim bəzi jurnalistlərin qeyri-peşəkarlığını qeyd etdi. Amma onu deyim ki, qurunun oduna yaş da yanır. Burada parlamentin işini istər müxalifət, istərsə də iqtidar qəzetlərindən olan çox gözəl, güclü jurnalistlər işıqlandırırlar. Təbii ki, müxalifət bir az tikanlı işıqlandırır. Bunu da başa düşmək olar. Müxalifətin işi, vəzifəsi odur.
Oqtay müəllim, burada 78 jurnalist təşkilatı akkreditasiyadan keçib. Azərbaycanda 30 gündəlik, 10 həftəlik qəzet çıxır, 4-5 hörmətli sayt var. O 78 təşkilatla maraqlansanız görəcəksiniz ki, onların bəlkə də 20-sinin qəzeti bir ildir çıxmır və ya ayda bir dəfə çıxır. Elə naşı jurnalistlər var ki, gəlib burada yarıtmaz fəaliyyətləri ilə ağıllı, gözəl jurnalist qardaşlarımızı da hörmətdən salırlar. Mən jurnalist olduğuma görə jurnalistlər pislənəndə mənə də toxunur. Mənim də qəzetim var. Heç mən akkreditasiya olunmamışam, çünki əgər AzərTAC verirsə, saytlar verirsə, buna ehtiyac yoxdur. Bir müxbiri gətirib burada oturdum ki, gör kim kimlə dalaşacaq, yaxud qulağını qaşıyacaq? Deyirəm, hazır məlumat var, götürün verin, parlamentə getməkdənsə işdə fəaliyyətiniz daha səmərəli olar.
Sözümün canı odur ki, burada əziyyət çəkən əsl jurnalistlərə qarşı ədalətli olun, qurunun oduna yaşı yandırmayın. O biri jurnalistlərin isə akkreditasiya məsələsinə yenidən baxılmalıdır. Beləsinə deyilməlidir ki, sənin qəzetin çıxmır, burada işin yoxdur. Bu məsələyə növbəti akkreditasiya vaxtı, yaxud indi də baxmaq olar. Ərizə verir, qəbul edirik. Çəkinirik ki, deyərlər, parlament mətbuatı boğur. Amma ona görə hamını içəri buraxmaq da düz deyil. O qəzetlərin müxbirləri bura buraxılmalıdırlar ki, operativdirlər, bu işi bilirlər və həqiqətən, bura yazı yazmağa gəlirlər, çölə çıxanda deputatlarla dava eləməyə, onlardan söz qopartmağa yox.
Amma jurnalistlərdən danışanda onu da unutmayaq ki, bu gün bizim aramızda ondan çox jurnalist, özü də Sahib müəllim, Etibar müəllim və başqaları kimi bu sahədə əhəmiyyətli xidmətləri olan jurnalistlər var. Buraya qələmlə gələn adamlar çoxdur. Ona görə də xahiş edirəm ki, qurunun oduna yaşı yandırmayın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, mən Sizə bu yarım saat üçün təşəkkür eləmək və eyni zamanda, təəssüflə qeyd etmək istəyirəm ki, jurnalistlərin qeyri-peşəkarlığına dair çıxışınız bu yarım saata başqa istiqamət verdi.
Oqtay müəllim, mən iki məsələyə toxunmaq istərdim. Birincisi, Siz dediniz ki, ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası Bakıda keçiriləcək və Minsk qrupunun burada hesabatını dinləmək mümkün olacaq. Mən bu barədə daha ətraflı məlumat almaq istərdim. Ümid edirəm ki, bu yarım saatda bizim hamımızı maraqlandıran daha vacib məsələləri müzakirə etməyə imkanımız olar.
İkincisi, məlumdur ki, dünyada siyasi məhbuslarla bağlı ümum prinsiplər yoxdur. Təklif edirəm, Azərbaycan tərəfi bu prinsipləri hazırlasın və beynəlxalq qurumlara təqdim eləsin. İsmayıllıdakı son hadisələrdə dava salan, xuliqanlıq eləyən insanlar haçandan siyasi məhbusdurlar? Siyasi məhbus ara qarışdırmaq, xuliqanlıq eləmək, pəncərələri, vitrinləri qırmaqla məşğul olan insanlardırmı? Siyasi məhbus hansısa siyasi ideya ilə çıxış etməli, kiminləsə razı olmamalı, hansısa bir alternativ fikir ortaya qoymalıdır. Bizdə belə insanlar yoxdur axı. Nə fikir eşidirik biz? Mən bu yaxında verdiyim müsahibədə də demişəm ki, alternativ fikir yoxdur. Hər halda mən müxalifətdə bunu görməmişəm. Təəssüflər olsun ki, bizdə də alternativ fikir, başqa sözlərlə desək, fikir inkişafı yoxdur, varsa da ortalıqda yoxdur və deməli, elə əhəmiyyətli fikirlər deyil ki, diqqəti cəlb etsin və yadda qalsın. Xahiş edirəm, əvvəlcə Minsk qrupu ilə bağlı məsələyə bir aydınlıq gətirin.
Sədrlik edən. Mən bu günlərdə Minsk qrupunun bir həmsədrinin çıxışını oxuyandan sonra bayaq söylədiyim fikrə gəldim. 2011-ci ildə bizim nümayəndə heyətimiz ATƏT-in Parlament Assambleyasında belə bir təkliflə çıxış etmiş və bundan sonra Minsk qrupunun hər üç həmsədrinin hesabatı assambleyada dinlənilmişdi. Onun üstündən artıq 3 il keçib. Yenə bir irəliləyiş yoxdur. Bu il ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası Bakıda keçiriləcək. Ona görə mən təklif etdim, mümkün olsa, bu iclasda, mümkün olmasa, gələn iclasda məsələ qaldıraq ki, Minsk qrupu ATƏT-in Parlament Assambleyası qarşısında hesabat versin.
Siyasi məhbuslar məsələsinə gəlincə qeyd edim ki, Avropa Şurasının Parlament Assambleyası siyasi məhbuslar üzrə məruzəçi təyin eləmişdi. Onlar özləri “siyasi məhbus” məfhumunu izah eləyə bilmədilər və hamısı da buna qarşı çıxdı. Siyasi məhbuslar barədə əsassız söhbətlərdən Azərbaycana təsir eləmək üçün istifadə edirlər. Biz bunlara öyrəşmişik, bir az bunlardan uzaq durmalıyıq.
Ürəyində sözü qalan olmadı ki? Xahiş edirəm, mənim dediyim xahişləri də nəzərə alasınız və yerinə yetirəsiniz. Sağ olun.